Döyüşən şəhər Məmməd Səid Ordubadi (1872–1950) I. Qonaqlar Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi. Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu. Dənizin qəlbi, həyatının ikinci dövrünə təzəcə qədəm qoyan bir gəncin qəlbi kimi döyünürdü. Kiçik dalğaları qaz sürüsü kimi qabağına qatıb kişləyən cənub ruzigarı, şabalıd rəngli mazut silsiləsini Bakı limanının ağ daşlarına çırpırdı. Mazut uğrunda mübarizə əsasında başlayan cənub küləkləri davam etdikcə «Kursk» gəmisi də öz vuğarını itirmiş və böyük bir hovuza atılmış qoz qabığı kimi fırlanırdı. Cənubdan və şərqdən əsən bu qudurğan küləklər, qızıl Bakının başı üzərində bir-birinə toxundukca Bakı mühiti də bir mübarizə sahəsinə dönməyə başlayırdı. Bakı görünür; xəritədə şimaldan bir nəhəngin burnu kimi dənizin böyrünə girmiş qara nöqtə böyüməkdədir. Gəmi sürətlə üzür, göyərtədən baxan iki qızın nəzərləri isə neft buruqlarından təşkil olunmuş meşələrə düşdükcə onlar nəşələnir və məqsədə yaxınlaşdıqları üçün sevinirdilər. Rayanın gözləri dənizin suyu kimi mavi, Leylanın gözləri isə suyun üzərində çırpınan mazut giləsi kimi qara və qumraldır. Bakı görünür; qısır və otsuz təpələr, oraq kimi əyilərək böyük bir limanı qucağına alır, qocaman şəhər dəxi göz önündə təcəssüm etməyə və böyüməyə başlayırdı. Zirzəmilərində minlərcə vərəmli işçilər olan daş qalalar, alman məmarlığına təqlid ilə tikilən burjua sarayları, işçilərin sümükləri üzərində qurulan binalar bütün əzəməti ilə dənizə baxırdı. Arxasında tənbəllər bəslənən pəncərələr göründüyü kimi, ağzını cənuba açaraq geniş nəfəs almaq istəyən burjuaziya dəxi gəmidən baxan durbinlərin şüşələri qarşısında canlanırdı. Əski qafasını yeni binaların qoltuğundan göstərən, çürümüş omba sümüyü kimi bozaran və əski dünyanın məzar daşı qədər dikələn minarələrin gözü də «Kursk» gəmisini salamlayır və yenə də mürgüləyirdi. «Kursk» gəmisində gələn müsafirlər artıq hər tərəfi görürdü. Onlar Şirvan xanlığının sümükləri üzərində duran və yumurta kimi ağaran qübbələri gördüyü kimi, daş yığınlarından ibarət olan Xansarayına və Sultanxəlil hərəminin qanlı poemalarını oxuyan bacalara da tamaşa edirdilər. Şah məscidinin minarəsində ulayan və müsəlmanları məscidə çağıran bayquşun səsi də, Sultanxəlilin zindanındakı altı yüz illik sümüklərin tarixindən parçalar deyirdi. Təzəpir məscidinin asimanxəraş minarələri başındakı aypara, çarlıq dövrünün sönmüş dəhşətlərini nişan verən kilsələr görünürdü. «Kursk» gəmisi, insan qanlarını küçələrindən təmizləmək üçün suya çuman Səbayel şəhəri məhəllələri ilə limana doğru irəliləyirdi. İndi isə cənub-qərbdən Bayıl, şərqdən Suraxanı, şimaldan və qərbdən isə Balaxanı, Sabunçu rayonunun buruqları görünməyə başlamışdı. Qara şəhərin tüstüləri, «Kursk» gəmisini istiqbal edirkən Qız qalasının əndamına toxunan qeyri-adi küləklərin barmaqları da, min illərdən bəri açılmamış tarix kitabını vərəqləyirdi. Burnu Qafqaz-Merkuri körpüsünə toxunarkən, «Kursk» gəmisi fikirli adam kimi köksünü ötürərək diksindi. Hər kəs şeylərini gəmidən çıxarmağa tələsirdi. Leyla və Raya isə öz yerindən hərəkət etməmişdi, çünki onları Ənzəli şəhərindən Bakıya müşayiət edən doktor Araratyan belə məsləhət görmüşdü. Xanımları qarşılayan menşevik, daşnaq və eser rəhbərləri, müsafirlərin çoxluğu nəticəsində, gəmiyə girmək və xanımlara təqdim olunmaq imkanını əldə edə bilmirdilər. Doktor Araratyan xanımların darıxdığını hiss edərək, onları körpünün üstünə gətirdi. Qızlar yeni qədəm qoyduqları bolşevik şəhəri ilə maraqlanırdılar. Raya doktor Araratyana müraciətlə: – Rica edirəm, bolşevikləri mənə göstərin, mən onlarla çox maraqlanıram, – dedikdə, doktor Araratyan müsafirlərin şeylərini yoxlayan gənc bir məmuru göstərərək: – Baxın, bu bolşevikdir, – dedi. Bir azdan sonra yoxlayıcı məmur onlara yanaşaraq: – Hərgah icazə versəydiniz, sizin də şeylərinizi yoxlardıq, – dedi. Şeylər yoxlandıqdan sonra yoxlayıcı məmur nəzakətlə: – Şeylərinizi alıb gedə bilərsiniz! – dedikdə, Leyla Araratyana müraciət edərək: – Mən inanmıram, – dedi, – bu məmur bolşevik deyildir. Raya təəccüblə: – Nə üçün? – deyə soruşdu. Leyla dedi: – Çünki bolşeviklər haqqında eşitdiyim qabalıqlardan heç birisini bunda görmədim. Bu qayət nəzakətli bir məmurdur. Araratyan dedi: – Bu məmur – məni tanıdığı üçün xanımlara hörmət göstərmək məcburiyyətində qaldı. Araratyanın bu sözündən sonra Leyla sakit oldu, lakin Rayanın qane olmadığını çöhrəsindəki narazı baxışlar bildirirdi. Raya və Leyla doktordan ayrılaraq, körpünün üstündə dolaşmağla ətrafı gözdən keçirirdi. Qarovul postunun taxta divarına yapışdırılmış bir müraçiətnamə Rayanın diqqətini cəlb etdi: «Komissarlar Sovetinin Bütün Bakı işçilərinə müraçiəti Yoldaşlar! Ərzaq böhranı davam etməkdədir. İşçi, soldat nümayəndələri soveti və onun icraiyyə orqanlarının bütün təlaşına baxmayaraq, böyük miqdarda alınan taxıldan, ən az bir hissəsini gətirmək mümkün olmuşdur. Bu zəminədə, yəni aclıq zəminəsindəki həyəcan sizin ruhunuzu sıxdığından biz bir daha sizə müraçiət edirik: həyəcan və səbirsizlik lazım deyildir. Aclıq, fitnəkarlar üçün gözəl bir zəminədir. Yoldaşlar! Düşmənlərin akitasiyasına qapılmayın!» Raya müraçiətnaməni oxuyarkən Leyla xanım ona yanaşaraq: – Nə oxuyursan, – deyə soruşduqda, Raya müraçiətnaməni bir daha oxudu və əlavə etdi: – Təəssüf edirəm ki, müraçiətnamənin yarısı cırılmışdır. Doktor Araratyan da gəlib müraçiətnaməni gözdən keçirtdi və: – Ağılsız bir müraçiətnamədir, – dedi, – bu həriflər ac işçilərə dil tökmək və yalan vədlər verməkdən əl çəkmədilər. Araratyanın sözlərindən sonra Raya heç bir söz demədi, ancaq o, bolşeviklərin nə qədər ağır vəziyyətdə yaşadığı və onların xarici düşmənlərlə bərabər, daxildə də böyük düşmənlərlə mübarizə aparmaq məcburiyyətində qaldıqlarını hiss etdi. Körpü üstündə cürbəcür səslər eşidilirsə də, qəzet satanların səsi bütün bu səslərə üstün gəlirdi. – Bakı ac qalmayacaqdır! – Mərkəzi Komitənin teleqramı! – Qızıl Moskva Bakı işçilərini unutmamışdır! Bu səsin ətrafına toplananlar çox idi, qəzetlər əldən-ələ gəzirdi. Bu qəzetlərlə, qazanılmış qələbənin aclıq böhranı nəticəsində təhlükə altında qaldığını hiss edən Bakı əməkçiləri maraqlandığı kimi, bolşevikləri süni aclıq təhlükəsi ilə boğmaq istəyən daşnaq, menşevik və eserlər də maraqlanırdı. Araratyan qəzetdən bir nüsxə aldı və böyük hərflərlə yazılmış bir xəbər oxudu: «Radio ilə Bakıda Şaumyana xəbər verin. Tezliklə Xasavyurd–Petrovsk xətti düzələcəkdir. Bakı üçün hər bir şey müntəzəm surətdə göndəriləcəkdir. Hər nə cür olsa taxıl göndərəcəyik!.. Ağçaqabul cəbhəsini möhkəm etmənizi rica edirik. Ruhdan düşməyin!» Raya: – Demək ki, Bakı aclıq təhlükəsindən xilas olmaq üzrədir, – dedi, – taxıl olsa, hər iş düzələr. Araratyan isə gülümsünərək: – Yavrum, – dedi, – biz də qəzet işini bilirik. Bunların hamısı uydurma xəbərlərdir. Saritsın şəhəri çoxdan Krasnov ordusu hissələrinin əlindədir. Bu xəbərləri Bakı bolşeviklərinin qazanında bişirirlər, lakin fayda verməz, çünki bütün Rostov – Bakı dəmir yolu çar generallarının əlindədir. Hərgah biz, bolşeviklərin işçini yaşada bilmək qabiliyyətinə malik olduğuna inana bilsəydik, mədəni ingilisləri Bakıya dəvət etmək üçün dəfələrlə Həmədana və Ənzəliyə getməzdik. Körpü üstü artıq boşalmışdı. Araratyanın məiyyətindəki xanımların istiqbalına tələsmiş daşnaq, menşevik və eser partiya rəhbərlərindən Melik-Elçiyan, cəbhə komandanı və ərkani-hərb miralayı Avetisov, tabur komandanı Hamazasb, onun sevgilisi, Araratyanın qızı – Ester xanım, menşevik və eser rəhbərlərindən Velonts, İvanov, Nəccarov, Ayollo, Sadovski və sairələri əskəri nizam ilə dayanaraq təzə gələn qonaqları salamlamaq üçün hazırlaşmışdılar. Doktor Araratyan böyük bir iftixarla xanımları onların istiqbalına gələn rəhbərlərlə tanış edirdi. – Bu, Leyla xanımdır. Əlahəzrət ingilis kralının fəxri yaveri, Hindistan, Dehli tac-taxtının vəliəhdi, həşəmətli şahzadə Bahadır xanın nişanlısıdır. Bu sözdən sonra rəhbərlərin başı, ağaca dırmanmış tağdan sallanan balqabaq kimi əyildi. Doktor Araratyan Raya xanımı təqdim edərək dedi: – Bu xanım, hörmətli, əzəmətli, miralay Tiq-Çonsonun nişanlısı Raya xanımdır! – Rəhbərlərin başı uşaq əyləncələrində birinci yeri tutan və gipsdən qayrılmış pişiklərin başı kimi əyilib, yenə qalxdı. Doktor Araratyan sonra doktor Yusifidisi təqdim etdi: – Bu cənab, möhtərəm xanımların xüsusi doktorudur. Olduqca möhtərəm və ziyalı bir zatdır. Rəhbərlərin hamısının dişləri ağardı və əlləri irəli uzandı. Britaniya imperializminin məhəbbəti ilə ağırlıq edən başlar bir çox dəfə əyildi və ingilis missiyasının qabaq dəstəsi olan bu kiçik qrupu bir neçə dəfə salamladı. Vizitqaların ətəkləri qartal qanadları kimi sağa və sola dönürdü. Onlardan hər birisi xanımlara səmimiyyət göstərmək üçün cürbəcür əda və hərəkətlərdə olurdu. Körpü üstündə uzun nitqlər söyləməyə imkan olmadığından, Sadovski irəli keçərək xanımlara «xoş gəldiniz» mərasiminə başladı: – Mədəniyyət tarixinin ilk səhifəsini çevirmək və London ilə Zaqafqaziya əlaqəsinin ilk qədəmini atmaq ancaq bizə müyəssər oldu. Bizə birinci olaraq bu şərəfi qazandıran hər iki xanıma müraciətlə: «Xoş gəldiniz!» deməklə, özümüzü son dərəcə bəxtiyar hesab edirik. Sadovskinin sözündən sonra, gələcək «səadətin» nəşəsini daşıyan başlar bir daha ağırlıq etdi. Doktor Araratyanın çöhrəsindəki şadlıq əsərləri, körpüyə gəlmiş «rəhbərlərə» qarşı fövqəladə bir iftixarı nümayiş etdirir və ürəyində deyirdi: «İstər eserlər, istərsə menşeviklər, erməni milli sovetinin möhtərəm nümayəndəsi olan Araratyana minnətdardır, çünki onlara bu şərəfi qazandıran yalnız mənəm!» Körpüdən çıxmaq lazım gəlirdi. Lakin xanımların şeylərini götürmək üçün çağırılan hamballar geri qayıtmaq məcburiyyətində qaldı, çünki xanımların şeylərini faytona daşımaq şərəfi, yenə də daşnaq, eser və menşevik rəhbərlərinə qismət oldu. İvanov Rayanın, Sadovski Leylanın, Hamazasb isə öz sevgilisi Esterin qolundan tutub dışarı çıxdıqda, Ayollo gözünü hər tərəfə çevirərək daşımaq üçün bir şey aradı. Bu şərəfə nail olmaq vasitələrini görmədiyindən, o da yalnız Leyla xanımın çətirini və cibindən körpü üstünə saldığı dəsmalını aparırdı. Velonts, Elçiyan və Avetisov tamamilə bu iftixardan məhrum qaldılar, çünki qabağa düşənlər macal vermədilər. Onlar xanımların kölgəsi kimi sürünüb körpüdən çıxmaq istərkən, Araratyan onları dayandırdı. – Ağalar, bir az dayanın! – dedi. – İşimizin mühüm bir cəhəti qalmışdı. Fotoqraf dalınca göndərdiyimiz adam bu saat gələcəkdir, xanımların şəhərə varid olmaq təntənəsini bir yadigar olaraq çəkdirməliyik. Bir neçə dəqiqə dayandılar; hər kəs götürdüyü şeyləri qoyub yanında durmuşdu. Fotoqraf gəldi. Şəkil alındığı zaman Velonts və Elçiyan fürsətdən istifadə edərək xanımların arxa tərəfində durdular. Sadovski, İvanov bunları dümsükləyib irəli soxulmaq istədisə də fotoqrafçı: – Ağalar, rica edirəm, tərpənməyiniz! – deyərək onları sakit elədi. Küçələr və körpünün qarşısı işsiz camaatla dolmuşdu. Bunlardan bir çoxu İrandan gələn müsafirləri qarşılamaq və onların gətirdiyi şeyləri almaq istəyən alış-verişçilərdi. Sadovski bu möhtəkirləri Leyla xanıma göstərib: – Bunların hamısı bolşevik fəlakətinin qurbanlarıdır, xalq acdır, çılpaqdır, yemək axtarır. Biz bunları ölümdən qurtarmaq istəyirik. İvanov bu sözləri dediyi zaman alış-verişçilər də İrandan gələn alış-verişçilərə yanaşaraq düyü, kişmiş və sair şeylərin qiyməti üzərində çənə döyürdülər. İvanov Raya xanımın, Hamazasb Ester xanımın, Sadovski Leyla xanımın qolundan tutub faytona oturtdular. Müsafirləri aparan faytonların başı «Metropol» otelinin qarşısında, ayağı isə körpüdə idi. * * * II. «Metropol» Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı: «Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır». Yenilikləri salonlarda, stolların örtüsündə, yemək qablarında, çəngəl-bıçaqlarda, yeməklərin növlərində, xidmətçilərin libasında, onların qolları üzərinə saldıqları dəsmallarda, taxta döşəmələrdə, lampalar və avizələrdə, tavanlar və pilləkənlərdə – hər yerdə, hər bucaqda, hətta menşevik və eser rəhbərlərinin vizitqa və ağ yaxalıqlarında da görmək mümkün idi. Bugünkü ziyafət, bolşeviklərə qarşı Bakı menşeviklərinin Gürcüstan menşevikləri ilə olan həmrəylik və əməkdaşlığını göstərirdi. Gürcüstan menşeviklərinin Zaqafqaziya dəmir yollarını açaraq alman-türk ordusunu Bakıya buraxmasına cavab olaraq, Bakı menşevikləri də ingilisləri Bakıya gətirməyə və Bakı proletariatını ikitərəfli təzyiqin arasında əzməyə hazırlaşırdılar. Daşnaq və menşeviklərin görkəmli adamlarına göndərilən dəvətnamələrdə: «Bakıya qonaq gəlmiş iki nəfər möhtərəm ingilis ailəsinin şərəfinə düzələn ziyafətdə iştirak etmənizi rica edirik. Ziyafət axşam saat 11-də «Metropol»un böyük salonunda olacaqdır. Sadovski». Ziyafət salonunun böyük avizələrinə işıq buraxılan kimi «rəhbərlər» də yaxalıqlarını düzəldərək pilləkənlərdən yuxarı qalxırdı; özünün hamıdan əvvəl gəldiyini düşünənlər balkona çıxarkən Sadovskini orada görürdülər. Sadovski hamıdan əvvəl gələrək xanımların yuxudan durub-durmadıqlarını öyrənməyə çalışır, heç bir məlumat ala bilmirdi, çünki xanımların otağına təyin edilmiş xidmətçi qızları da görmək mümkün deyildi. Sadovski bir neçə dəfə açar yerindən içəri baxmaq istədisə də mümkün olmadı. Çünki balkonda o tərəf-bu tərəfə gedənlər buna imkan vermirdi. Nəhayət o, qapıya yanaşaraq, həsir börkünü əlinə aldı və qulağını qapıya söykədisə də içəridən heç bir səs eşidilmədi... Saat on biri keçirdi. Bütün fikirləri Bakı Sovetinə qarşı xəyanətdən ibarət olan menşevik, eser, daşnaq nümayəndələri əksinqilabın baş qərargahı sayılan «Metropol»a toplanmışdı. Hər şey öz yerində idi, aralıqda çatmayacaq bir şey varsa, o da xanımların yuxudan qalxmamasından ibarət idi. Cəbhədən ziyafətə dəvət edilənlər də salonda gözləyirdilər. Üzərində ağ və nişastalanmış əl dəsmalları ehram kimi düzələn ağ örtüklü stollarda sükut hökm sürürdü. Yuxarı başda toplanmış simfonik orkestrin səsi çıxmırdı. Bir əli bolşevik, digər əli isə menşevik və daşnaq ətəyində olan general Dukaçiyev, Hamazasb və miralay Qazarov, Arutyunovlar, hərbi nazir Baqratuni, cəbhə arxasında duran xüsusi qatar ilə Bakı stansiyasına və oradan da yumşaq maşınlara oturub «Metropol» salonuna axışırdılar. Ordusunu düşmən qarşısında başsız qoyub «Metropol»a tələsən silahlı ağalar cəbhə telefonlarını «Metropol» müdirinin kabineti ilə birləşdirərək ziyafətin nə vəziyyətdə olduğunu xəbər alır və gecə saat birə yaxın ziyafətə gələcəklərini xəbər verirdilər. «Rəhbərlər»in cəbhədən nə vaxt gələcəyini və cəbhənin nə vəziyyətdə olduğunu hamıdan əvvəl «Metropol» müdirindən öyrənmək olurdu. Sadovski çox həyəcanlı bir vəziyyət keçirirdi, o, vaxtını keçirmək və xanımlar yuxudan duruncaya qədər məşğul olmaq üçün bir iş axtarırdı. Nəhayət, dəhlizdə qoyulan böyük güzgünün qarşısından keçərkən öz yaxalığında müxtəsər bir uyğunsuzluq hiss etdi və düzəltmək üçün tələsik kiçik salona getdi. Ayollo Sadovskinin orada olmamasından istifadə edib, onun yerini tutdu və gözünü qapının açar yerindən içəri dirədi. İvanov barmaqları üzərində çox ahəstə yeriyərək onun qulağına pıçıldadı: – Möhtərəm xanımları rahatsız etmənizi məsləhət görmürəm. Belə işlər beynəlxalq bir skandala da səbəb ola bilər. Ayollo geri çəkildi, lakin buna baxmayaraq, o, xanımlarla daha çox maraqlanır və ingilis xanımlarının diqqətini özünə cəlb etmək üçün daha artıq çalışırdı. Bu xanımlar, menşevik və eser rəhbərlərinə sədaqətli bir istiqbal müjdəsini verirdi. Hələ bu qapıdan çıxacaq Raya xanım da, ingilis miralayı Tiq-Çonsona nişanlandığı üçün menşevik və eser rəhbərlərinə daha böyük ümidlər verirdi. Bu intizar, ingilislərə daha yaxın sayılan və ingilisləri Bakıya dəvət üçün bir neçə dəfə Həmədan, Rəşt və Ənzəli şəhərlərinə səfər edən erməni milli soveti üzvü, «cənab» doktor Araratyan gəlincəyə qədər davam etdi. Rəhbərlər o qədər də darıxmırdı. Çünki fikir qarışıqlığı bir tərəfdən, xanımların ziyarətindən gözlənən istiqbal nəşələri digər tərəfdən intizarın ağırlığını unutdururdu. Hər kəs xanımlara necə yanaşacağını düşünür, fikrindəkini əlində, qədəmlərində, gözlərində və çöhrəsində nümayiş etdirirdi. «Metropol»un balkonu, böyük bir teatrda pərdə dalısındakı vəziyyəti andırırdı. Bu siyasi aktyorlar sanki rollarına hazırlaşırdılar. Araratyanın qızı Ester xanım gələn kimi intizar yox oldu. Vəziyyət dəyişdi, Esterin brilyant üzüklü barmağı xanımların qapısındakı çıngırağa toxunduqda balkondakıların qəlbi də çırpınmağa başladı. Bir azdan sonra xanımların qapısından bir qadın başı göründü, «rəhbərlər» isə qapıda birinci sıranı işğal etmək üçün biri digərini itələyib irəli yüyürdü, ağ yaxalı boyunlar qeyri-təbii olaraq qapıya tərəf uzandı və yenə də geriyə çəkildi, çünki qapıda görünən qadın, intizarı çəkilən xanımlardan deyil, xidmətçi qadınlardan biri idi. Xidmətçi qadın Ester xanımı içəri buraxdıqdan sonra qapını yenə qapadı. Balkondakı intizar davam edirdi. Lakin indi söhbətlər pıçıltı şəklindən çıxaraq, adi bir hal almışdı. Söhbətlərin məzmunu da dəyişdi. Balkondakılardan biri: – Heç şübhə yoxdur ki, – dedi, – onlar Bakıya gələcəklər. Gəlmək xəyalları olmasaydı, öz ailələrini buraya göndərməzdilər. Araratyan bunu təsdiq etdi: – Mən ingilisləri elə bil ki, bu saat Bakıda görürəm. General mənə «sən öləsən» deyibdir. Mən onun dostluğuna da inanıram. O, mədəni və alicənab bir zatdır. O, əbəs yerə mənə and içməz. Ayollo: – Belədir ki, var, – dedi, – ingilis şərəfinə şübhə etməyin özü şərəfsizlikdir. Hərgah ingilis generalı bir dəfə «gələcəyik» demişsə, ona inanmamağa haqqımız nədir. İndi biz xanımların ruhunu oxşamağa, özümüzü bolşeviklərə nisbətən mədəni tanıtmağa çalışmalıyıq. Onları hazırkı mühitlə lazımi qədər tanış etməliyik və göstərməliyik ki, kütlə bizim tərəfimizdədir. Bütün bu işlər, ingilislərin Bakıya gəlməsini yaxınlaşdırar. Bu sözdən sonra Velonts: – Belədir ki, var! – dedi. – Bolşeviklərin nüfuzdan düşdüyünü, hazırkı hökumətin süqut ərəfəsində durduğunu, Bakı işçilərinin bizim tərəfimizdə olduğunu gənc xanımlara bildirməli, bunu da həyatda isbata çalışmalıyıq. Biz onların ruhunu oxşamağa müvəffəq olduqda, onlar da Ənzəliyə müsbət məzmunlu məktublar göndərərlər. Möhtərəm xanımlar istəsə, onlar ingilislərin Bakıya gəlmək maraqlarını daha da artıq alovlandıra bilərlər. Velonts sözünü bitirdikdə, İvanov heç kəsə macal verməyərək: – Biz, xanımlara bildirməliyik ki, hərbi donanma mədəni və qüvvətli bir hökumət tələb edir, – dedi. Xanımların qapısı ikinci dəfə açılarkən həyəcan təzələndi, yenə söhbətlər dəyişdi. Xidmətçi qadın başını qapıdan dışarı uzadıb: – Xanımlar ağaların beş dəqiqə gözləmələrini rica etdi, – dedikdə sanki bu səs, saatlardan bəri intizar çəkməkdə olan rəhbərlərə özlərinin ingilislər himayəsi altında qurmaq istədikləri hökumətin deklarasiyasını oxudu. İndi, artıq rəhbərlərin hərəsi bir cür vəziyyət almağa başlamışdı. Sadovski bığ fırçasını jiletinin cibindən çıxarıb bığında cərgəsindən ayrılıb nizamsız duran tükləri sahmana salırdı. Elçiyan qoltuq cibindən «iynə qabı» şəklində uzun bir ətir çıxarıb bığlarını və əllərini ətirlədi. Ayollo nə iş üçün isə dalan tərəfə yüyürürdü. İvanov isə üstünə qonmuş tozu çırtmıx ilə vurub təmizləyirdi. Ümumiyyətlə, balkonda duranlar saatı gözdən keçirməkdə və beş dəqiqəlik müddətin bitib-bitmədiyini yoxlamaqda idilər. Qapı açıldı, ağ ipəklərə bürünmüş xanımlar otaqlardan dışarı çıxdı. Britaniya imperializminin ağ yaxalı və qara məqsədli lakeyləri «Metropol»un həqiqi lakeylərinə macal vermədən başlarını əyib xanımları salamladılar. Doktor Araratyan ingilisləri Bakıya dəvət işində birinci rol oynadığı, hətta xanımlarla yol yoldaşlığında olduğundan onlara lələ olmaq vəzifəsini də öhdəsinə alaraq, əvvəlcə: – Qızlarımın kefi necədir? – deyə yaltaqlandı. Sadovski Leyla xanımın, İvanov Rayanın qoluna girdi. Hamazasb hazır olmadığından miralay Avetisov onun nişanlısı Esterin qolundan tutaraq salona doğru irəliləməyə başladılar. Ayollo dəstədən ayrıldı və salondakılara xanımların gəlməsini xəbər vermək üçün yüyürdü. Xanımlar salona daxil olarkən Slavinskinin rəhbərliyi altında simfonik orkestr Britaniya marşını çalmağa başladı. Ziyafətin yemək işlərini Bakı burjuaziyasından olan, «restoran kralı» ləqəbini almış İvan İvaniç idarə edirdi. Hər kəs ayaq üstə durmuşdu, çünki xanımlar salonu və salondakıları gözdən keçirdiyi üçün nə özləri oturur, nə də «ağalar»a oturmaq icazəsi verirdi. Stolların bir tərəfində İvan İvaniçin lakeyləri, digər tərəfində isə ingilis kralı beşinci Georginin səmimi və sadiq lakeyləri durmuşdular. Milli marş bitdi, doktor Araratyan irəli keçərək, əvvəlcə xanımları ölkənin silah daşıyan «rəhbərləri» ilə tanış etdi və: – Bu cənab, baş komandan Dukaçiyevdir, – dedi, – çar ordusunun məşhur generallarından və vaxtı ilə Tarabzon üzərinə yürüş etmiş çar ordusunun cəsarətli komandanlarından birisidir. Bu cənab, miralay Arutyunovdur, bu isə Qazarov, bu da sizin körpüdə tanış olduğunuz, ərkani-hərb miralayı və hazırdakı cəbhə komandanı Avetisov cənablarıdır. Təqdim rəsmi bitdikdən sonra, vizitqalar və çerkeskaların dal ətəkləri birdən-birə hərəkətə başladı. Yemək vaxtı idi. Leyla xanım, Sadovski və Ester bir stolda, İvanov, Raya xanım, Melik-Elçiyan və Ayollo isə digər bir stol başında yerləşdilər. Yemək başlandı, Bakı işçilərini süni surətdə aclığa tutan menşevik, eser və daşnaq rəhbərləri stollar üzərində qoyulmuş «halal» və körpə heyvanların vücuduna daraşdılar. Onlar quzu budlarını dişlərinə çəkdikdə, yalan vədlərə qurban olan və bu vədlər nəticəsində öz sinfindən, Bakı proletarlarından ayrılan Nobel müəssisələri işçilərinin aclığını heç də xatırlamırdılar. Stol üzərinə qonmuş qanadlı heyvanların cəmdəyini Slavinskinin simfoniyası tərənnümləri ilə didməyə başlayan rəhbərlərin bir gözü Leyla, bir gözü də Raya və Esterdə idi. Xəyal aləmində qələbələr çalmaqda olan silahlı və eyni zamanda ikiüzlü «rəhbərlər» cəbhələrdə qalibiyyət üçün vuruşan Qızıl Ordunun vəziyyətini tamamilə unutmuşdular. Onlar cücələrə, quzulara hücum etdikləri anda, Qızıl Ordu da Ağçaqabul cəbhəsini yarmaq istəyən türk-alman ordusu ilə ölüm-dirim mübarizəsi aparırdı. Lakin bu eser, daşnaq və menşevik rəhbərləri nə qədər toxdularsa, oradakılar bir o qədər ac idilər. Toxluğundan çətin nəfəs alan general Dukaçiyevin cəbhədəki əskərləri bir ovuc fındıqla kifayətlənir, bəzən onu da tapa bilmirdilər. Hər şey unudulmuşdu, unudulmayan bir şey vardısa, o da Bakı kommunasına xəyanət və zahirdə Britaniya imperializminin nümayəndələri sayılan iki gözəl qıza olan meyl və məhəbbətdən ibarətdi. Silahlı və silahsız «rəhbərlər» gözünü Leylanın qara gözlərindən çəkərək Rayanın mavi gözlərinə dikməkdə və bütün gələcəyini iki göz bəbəklərinin əsrənkiz hərəkətində oxumaqda idi. Sanki menşevik, daşnaq və eser rəhbərlərinin gələcəyi erməni milli soveti üzvü doktor Araratyanın Ənzəlidən qonaq gətirdiyi bu iki qızın pənbə yanaqlarında qərar tutmuşdu ki, rəhbərlər bir an da olsa gözünü oradan götürə bilmirdilər. «Metropol» salonunda oturanların siması, əgidə, vəzifə və çöhrələri müxtəlif olsa da, Sovet hökumətinə qarşı düzəltdikləri xəyanətdə vahid cəbhədə çalışırdılar. Onların danışıqları da, məzmun və mündərəcə etibarı ilə bir-birinin eyni idi. Biri dediyini o birisi təsdiq edir, üçüncüsünün inkar etdiyi bir həqiqətin üzərinə dördüncüsü pərdə çəkməyə çalışırdı. Sadovski ağ dəsmal ilə dodaqlarının yağını silərək, Leyla xanıma baxdı, dişlərini ağardaraq dedi: – Şəhərimiz olduqca zənkin bir şəhərdir. Lakin üsuli-idarəsi biz deyən deyil! Sadovski özünə məxsus iftiraçı dilini açaraq bir neçə ay bundan əvvəl Bakıda daşnaq və müsavat partiyalarının əksinqilabi fəaliyyəti nəticəsində törənən qırğın haqqında danışdı. O, bütün başqa yoldaşları kimi böhtan, hiylə və yalan söhbətlərini davam etdirərək, Bakıya yeni gəlmiş qonaqları da aldatmaq istədi. Leyla xanım Sadovskiyə belə bir sual verdi: – Neft sənayesinin milliləşdirmək istənildiyi doğrudurmu? Sadovski bir ah çəkərək, qaşlarını çatdı və təəssüfedici bir surətdə cavab verdi: – Bəli, belə bir məsələ vardır, bununla da bolşeviklər dünyaları işıqlandıran neft sənayesini bərbad etmək istəyirlər. Hərgah bu hökumət bir il yaşarsa, mən sizə dünyanın altıda bir hissəsindən ibarət böyük bir xarabalıq verə bilərəm. Leyla bu sözdə: – Təəssüflər olsun! – dedi. Velonts qabağında olan cücənin qabırğasından nazik ətləri gümüş çəngəlin ucu ilə təmizlədi və sümüyünü soruub, nimçəyə atdıqdan sonra ağzındakı tikəni uda-uda dedi: – Bəlanın böyüyü budur ki, məhəlli zənkinlərdən təzminat alırlar. Leyla onları əmin etmək üçün dedi: – Nefti milliləşdirmək məsələsini mən hələ Ənzəlidə eşitmişdim. Mən bunu eşidən zaman özüm-özümə: «Hərgah bolşeviklərin bütün təşəbbüsləri neft sənayesini milliləşdirmək arzuları kimidirsə, onlar heç bir işdə qalib çıxa bilməyəcəkdir» – dedim, çünki neft, yerli burjuaziyanın deyildir. Doxsan beş faizi əcnəbi malı olan nefti bolşeviklər heç bir zaman milliləşdirməyi bacarmazlar. Qərb kapitalistləri buna yol verməz! İvanov oturduğu stulunu Rayanın yaxınına sürüşdürmüşdü, onlar başqalarının eşidə bilməyəcəyi qədər yavaşdan söhbət edirdilər. İvanov: – Özləri bacarmır, bizləri də hökumətin idarəsinə buraxmırlar, – dedi, – onlar menşevik və eserlərin hökuməti idarə etmək işlərindəki qüvvəsini inkar edirlər. İvanovla Raya bu mövzu üzərində durduqları zaman Sadovski də Leyla xanımın qara gözlərini nişan alaraq deyirdi: – Dörd ildən bəridir ki, müttəfiqlərlə olan əlaqəmiz kəsilmişdi, gözəl xanımların şəhərimizə qonaq gəlməsi, qırılmış əlaqənin düzəlməsinə imkan verir. Bu təşriflə biz ümid edirik ki, dörd il boyunca silah arqadaşlığında olduğumuz mədəni müttəfiqlərlə birlikdə ümumi düşmənə qarşı mübarizə aparacağıq. Biz bununla da alman-türk ordusunu Zaqafqaziyadan qovar və Brest-Litovsk müqaviləsini rədd edə bilərik. Leyla: – Belədir, – dedi, – ancaq bizimkilər, yəni cənab Bahadır xan və cənab general öz ərkani-hərbilə Bakıya gəldikdən sonra biz ümumi iş və ümumi mübarizə haqqında danışa biləcəyik. İvanov hələ Raya ilə başladığı mövzusunu bitirməmişdi ki, Rayanın əli artıq onun əlində idi. İvanov onun ağ və ətli barmaqlarını sayaraq deyirdi: – Vəd vermək bir gün olar, iki gün olar, üç gün, dörd gün, beş gün ola bilər, axırda işçi deyər ki, «vəd ilə qarın doymaz, buyur, hökuməti təslim et, bacarmırsansa, məmləkəti idarə etmək üçün cənab İvanovlar vardır». İvanov bu söhbətləri ilə özünü gözəl qıza təqdim edir və gözlərindən qürur və kübarlığa məxsus dərin bir düşüncənin dalğaları yağırdı. Raya əlini onun əlindən çəkdiyi vaxt, İvanov bunu rədd əlaməti hesab etmədi, çünki Raya qarşısına qoyulan qəhvəni içməyə hazırlaşırdı... «Metropol» salonunda daha bir yenilik hiss olundu. Hamazasb cəbhədən gəldi. O da, başqa qoşun rəhbərləri kimi öz adətini pozmamışdı, bir az təxirlə də olsa, şam yeməyi üçün «Metropol»a gələ bilmişdi. O, general Dukaçiyevin stolunun yanında duraraq, əskəri nizam almaqla raport verdi və dedi: – Dünəndən bəri başlanan türk-alman hücumu indiyə qədər davam edir, hər iki tərəfdən verilən böyük tələfata baxmayaraq, inadlı hücumlar sakit olmamışdır, ikinci xətə çəkilmək lazım gələcəkdir. Bu xəbər, simfonik orkestrin səsinə təsir yetirə bilmədiyi kimi şirin və dadlı xörəklərin ləzzətini də azalda bilmədi. Bolşevik Bakısını təhdid edən bu xəbər, «Metropol» salonunda düzəlmiş menşevik, eser və daşnaq qərargahının nəşəli vəziyyətini heç də dəyişmədi, çünki bolşevizm əleyhinə başlanmış məfkurəvi söhbətlərə, gözəl qızlara qarşı oyanmış şəhvət duyğuları da yardım edirdi. Mavi və qara gözlərə verilən diqqət, ingilis zabitləri xanımlarına qarşı coşan məhəbbətlər, «Metropol» salonunda oturanların Bakı müdafiəsinə qarşı qeydsizliyini söyləyirdi. İvanov xörəkdən bir tikə ağzına alaraq, Rayanı danışdırırdı: – Möhtərəm və gözəl bir xanımın hüzurunda olmaq nə qədər böyük bir səadət imiş. Doğrudan da mən bir çox şeyləri unutdum. Raya gülümsəyərək dedi: – Mən də özümü xoşbəxt hesab edirəm, çünki mən böyük bir ölkəni idarə etmək səlahiyyətinə malik olan, sevimli bir zat ilə üz-üzə oturmuşam. İvanov heç utanmadan: – Bilirsinizmi? Sizin söhbətlərinizi dinləmək və sizin üzünüzə baxmağın nə qədər şirin və nə qədər dadlı olduğunu hiss etmiş olsaydınız, şübhəsiz ki, özünüz-özünüzü sevmiş olardınız, – dedikdə, Raya onun həm şərab, həm də şəhvət təsiri nəticəsində danışdığını hiss etməmiş deyildi. Buna görə də bir sərxoşun söhbətindəki istiqaməti pozmamaq üçün: – Madam ki, qadını başqalarının sevməsi mümkündür, o halda qadının özü-özünü sevməsinin nə mənası vardır, – dedi. İvanov bir qədər şərab doldurdu və: – Bizim nə qədər mədəni olduğumuzu, qadınlara qarşı nə qədər mədəni sevgi əlaqəsi yarada biləcəyimizi ancaq bizimlə bir neçə gün vaxt keçirdikdən sonra təyin edə biləcəksiniz, – dedikdə, Raya başı ilə təsdiq işarəsi verdi: – Mən bu gün sizin nə qədər alicənab bir zat olduğunuzu bildim. Hansı partiyaya mənsub olduğunuzu soruşmadan belə, sizin gözəl təbiətinizi sevməyə məcbur oldum. Sizdə hökumət idarəçiliyi və qanunvericiliyinə bacarıq xüsusiyyəti olduğunu, bir çox kişilərin içində nadir sima sayıldığınızı təyin etməmiş deyiləm. İvanov: – Məni öyrənmək və mənim dahilik xüsusiyyətlərimi təyin etmək üçün uzun bir müddət lazımdır. Mən fövqəladə bir hissə, xariqüladə düşüncəyə, təbiətin fövqündə duran idraka, indiyə qədər bəşər tarixinin nişan verə bilmədiyi qəlb qüvvətinə malikəm. Mən özüm tək deyiləm, bəlkə bu xüsusiyyəti daşıyan bir çoxları da vardır. Lakin bəzən mühit şərait yaratmadığı üçün ali və yüksək simaları seçmək mümkün olmur, onlar öz duhalarını bəşəriyyətə təqdim edə bilmirlər. Hərgah biz Böyük Britaniyanın himayəsini əldə edə bilsək, o vaxt mənim dünyagörüşümü, əqidəmi öyrənmiş olacaqsınız. Bağışlayın, mənim bir qüsurum vardır ki, o da az danışmaqdır, buna görə də başınızı ağrıtmaq istəmirəm, hər halda Böyük Britaniya miralayının nişanlısı ilə şam süfrəsinə oturmaq şərəfi, bütün şərəflərdən yüksəkdir. İndi artıq nə Leylanın Sadovski ilə, nə də Rayanın İvanovla olan söhbətləri eşidilmirdi. Cəbhədən gələn tabur komandanı Hamazasb süfrəyə oturduğu zaman, birinci növbədə öz nişanlısı Esterin yerini dəyişmək istədi, onu sol tərəfindəki stuldan qaldırıb sağ tərəfdə əyləşdirdi, belə olduqda, Ester həm Hamazasbın özünə yaxın olur, həm də onu sevən ikinci bir adamla, yəni alay komandanı Avetisovla göz-gözə oturmaqdan məhrum olurdu. Hamazasb Esterə yaxınlaşdıqdan sonra adəti üzrə dedi: – O güldən birisini çıxarıb öz əlinlə yaxama sanc! Ester stol üzərinə qoyulmuş külqabından bir gül götürüb Hamazasbın yaxasına taxmaq istərkən, Avetisov buna acıqlanaraq, yerindən qalxdı, bununla da Leyla, Sadovski, İvanov, Raya və başqaları şam süfrəsindən qalxaraq gəzişməyə başladılar. Bu hadisə Esteri çıxılmaz bir vəziyyətdə qoydu, çünki Hamazasb stol başından qalxmamışdı, buna görə də Ester onun yanından qalxmağı və qızlara qoşulmağı bacarmırdı, nəhayət Hamazasb bunu hiss edərək, stoldan yarımçıq qalxdı və Esterin qolundan tutaraq, salonu gəzişməyə başladı. Nə İvanov Rayanın, nə də Sadovski ilə Hamazasb Leyla ilə Esterin qolunu buraxırdı. Söhbətlər yekrəng, yeknəsəq və yekməzmun idi; kəlmələrin hər birində xanımlara hörmət, bolşeviklərə nifrət mənası vardı. Bir çox qəzet, jurnal gətirdilər. Hər kəs bir qəzet və bir jurnal götürüb oxumağa başladı, Raya dəxi, «Bakinski raboçi» qəzetini götürdükdə: – Çoxdan bəridir ki, rusca qəzetlərə təsadüf etməmişəm, – deyərək, açıb oxumaq istədi, İvanov isə ona bir neçə qəzet göstərərək dedi: – «Bakinski raboçi» sizi maraqlandıracaq bir qəzet deyildir, oxumağına dəyməz. Geniş kütlələrinin yox, müəyyən bir qrupun orqanıdır. Onun məqsədi bizim kimi həqiqi sosialistlərə qarşı böhtan və iftira düzəltməkdən ibarətdir. Öz orqanlarımız vardır. Oxuyunuz, mədəni insanların fikrini səfərbər edən nəşriyyatımız Bakı işçilərinin əksəriyyəti tərəfindən təqdir olunur. Bu sözlərdən sonra İvanov «Kaspi» qəzetinin bir nüsxəsini Raya xanıma uzadaraq: – Heç olmazsa bu qəzeti oxuyunuz, – dedi. – Zənkin bir qəzetdir, özü də biqərəz və bitərəf qəzetdir. Raya əlindəki «Bakinski raboçi» qəzetini göstərərək soruşdu: – Bu qəzet bolşevik orqanı deyildirmi? – Bəli, xalis bolşevik orqanıdır, maraqlı bir şey deyildir. – O halda nə üçün oxumamaq? Baxaq, bolşeviklər mədəni aləm haqqında nə kimi böhtanlar toxuyurlar. Görək onlar mədəni menşeviklər və alicənab eserlər, fəal daşnaqlar barəsində nə kimi uydurmalar yazırlar? Raya bunu deyərək, qəzeti oxumağa başladı. «Aclığın sümük əlləri və qara təbliğatı Bakı proletariatı ağır ərzaq böhranı keçirməkdədir; işçi acdır, aclıq isə çox pis bir məsləhətçidir. Qara ünsürlər bu vəziyyətdən istifadə edərək, geniş, ac və həyəcanlı işçi kütlələri içərisində ən fitnəkar şüarlar buraxmaqla, onları özlərinin – işçilərin – seçdikləri təşkilatın, Sovet hökumətinin əleyhinə qaldırmağa çalışırlar. Bu xəyanət işini başlıca olaraq menşeviklər irəli aparmaqdadır. Şüurlu işçilərin çox gözəlcəsinə tanıdığı Ayollo, Sadovski kimi ağalar və onların dalınca sürünən sabiq inqilabçı Atabekov işçi rayonlarına gedib ən fitnəkar və cinayətkar nitqlər söyləyirlər. Vaxtilə məşhur milyoner Krestovnikov Moskvada aclığın sümük əli ilə inqilabı, işçi və kəndliləri boğmağa çalışırdı. Burjuaziyanın lakeyləri Bakıda aclığın müdhiş əllərini Sovet hökumətinin əleyhinə qaldırmaq vaxtı yetişdiyini hiss etdi. Menşeviklər, ac və yorğun işçilərə deyirlər ki, «bolşeviklər sizə çörək vəd edirsə də öz vədlərinə əməl etmirlər. Onlar vətəndaş müharibəsi düzəltməklə işçilərin qanını axıdırlar. İnsan bundan da artıq və həyasız bir təbliğat təsəvvür edə bilərmi?! Bizim Bakı şəraitində bir nəfər də olsun belə bir əksinqilabi fitnəkar şüar düşünə bilərdimi?! Onlar həmişə çörəkdən danışdıqları vaxt aç işçiləri sovet ərzaq təşkilatlarının əleyhinə qaldırırlar. Ərzaq işləri düşmənlərimiz əlində olduğu vaxt, iclaslarda bizdən bir nəfər də kütləni onların üzərinə qaldırmağa çalışmadı. Əksinə, biz onları çiddi surətdə müdafiə edirdik və məsuliyyətlərini öz öhdəmizə alırdıq. Halbuki, onlar bu səlahiyyəti qazanmamışdılar. Hazırda, Sovetlər höküməti taxıl əldə etməkdən ötrü əlindən gələni əsirkəmədiyi və bu hamıya məlum olduğu bir zamanda, Qızıl Ordu taxıl yollarını açmaq üçün çarpışdığı bir halda, həyasız və vicdansız fitnəkarlar xalqı Sovet hökumətinin əleyhinə qaldırmağa çalışırlar. O biri tərəfdən də bolşeviklərin vətəndaş müharibəsi düzəltməkdə guya müqəssir olduğunu deyib qışqırırlar. Hər bir işçi burada vətəndaş müharibəsinin kimlər tərəfindən düzəldildiyini və necə başlandığını çox yaxşı bilir. Sovet höküməti vaxtilə müsavatçılar tərəfindən düzəldilmiş silahlı qüvvənin əleyhinə çıxdı. Lakin hər kəsə aydındır ki, biz Diki diviziyanın qarşısına çıxmasaydıq, on dəfə artıq qan töküləcəkdi, zavodlar, fabriklər tamamilə yanacaqdı. Bakı, Azərbaycan xan-bəylərinin paytaxtı kəsiləcəkdi. Fitnəkarlar aç xalqı Sovet höküməti əleyhinə qaldırmaq və onların əksinqilab əleyhinə olan inqilabi mübarizəsini rüsvay etməklə kifayətlənməyərək, erməni-rus xalqı arasında da milli ədavət toxumları səpməyə başlamışlar. Sovet höküməti əleyhinə mübarizə aparmaq üçün bundan da həyasız, bundan da cinayətkar bir xətt-hərəkət təsəvvür etmək olurmu? Müsəlman əksinqilabçıları olan Ağabala Quliyevlər, Abdullayevlər və sairləri də belə düşünərək, Qudzinski imamını və Gəncə quldurlarını Bakının əleyhinə çağırırlar. Biz bilirik ki, Bakıdakı Sovet hökumətini boğmaq üçün Ayollo və cənab Sadovski çalışır. Lakin onlar öz arzularına nail ola bilməyəcəklər, hətta onlar müvəqqəti də olsa, öz menşevik partiyalarının iflasa varmış kursunu qaldırmağı belə bacarmayacaqlar. Taxıl böhranı tezliklə rəf ediləcəkdir. Biz ümid edirik ki, Qızıl Ordunun fədakarlığı, Şimali Qafqaz, Həştərxan, Saritsın sovet təşkilatlarının yardımı və eyni zamanda işçilərin səy və təlaşı sayəsində Bakıya taxıl gətiriləcəkdir». Raya qəzetdə Bakıya taxıl çatdırmaq üçün Şimali Qafqazda Qızıl Ordunun ağ generallara qarşı mübarizəsindən bəhs edən sütunları oxuduqda Sadovski və Ayollo hər ikisi birdən: – Çox gecdir! – dedilər və bununla da Raya qəzeti əlindən buraxaraq: – Nə qədər dəhşətli bir hücum! – dedi. Sadovski: – Bunların səhvi də burasındadır ki, cənubdan gözlənən yardımı şimaldan gözləməkdədirlər. Artıq şimal yoxdur. Onun yerinə çəbhələr, vuruşlar, hərç-mərçliklər, qarətlər, talanlar, acından ölənlər və sairə vardır. İngilislər isə qulağımızın dibində, hətta bir neçə saatlıq yoldadırlar. Gecə saat ikidə general Dukaçiyevə gələn təçili telegram «Metropol» salonunun ahəngini hiss edilməyəcək surətdə pozdu. Zabitlər hamısı ayağa qalxdı, xanımlarla vidalaşma başlandı. Dukaçiyev Rayanın əlini sıxaraq: – Allah bəlasını vermiş düşmən çəbhəni yarmışdır. Getməliyik, sabah burada yenə görüşərik, – dedi. Hamazasb qalxıb Esterin əllərindən tutaraq: – Gedirəm, – dedi, – səni düşünmək, sənin sevgi nəşələrinlə əylənmək mənim qələbəmi təmin edir. Ah, Ester can, kaş sən də mən düşündüklərimi düşünəydin, onda hər ikimiz xoşbəxt olardıq. Ester durub ancaq öz ayaqlarına baxırdı. Hamazasb isə onun əlinə hərəkət verərək: – Mənim ruhum, səndən bir söz eşitmək istəyirəm, – dedikdə, Ester yavaşdan dedi: – Hər şey gələcəkdən asılıdır. Esterin bu sözündən sonra Hamazasb onun əlini buraxdı və dönüb getmək istədikdə, heç kəsin eşidə bilməyəcəyi bir surətdə yavaşdan mızıldandı. Onun sözləri eşidilməsə də, çöhrəsində yavaşdan dedikləri aydın oxunurdu: – Ah! Məchul, qorxulu və ümidsiz gələcək! Hamazasbın son sözləri bu oldu. Sadovski ilə İvanov xanımları öz otaqlarına müşayiət edərkən, ərkani-hərb miralayı Avetisov telefonla Bakı dəmiryol stansiyası rəisinə deyirdi: – Cənab generalın xüsusi qatarını birinci xəttə veriniz! * * * III. Fabrik-zavod rayonuna İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar. Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər. Sadovski və Ayollo aldanmış, menşevik çirkabına düşmüş idraksız işçiləri, ancaq Nobel qardaşlarına məxsus müəssisələrdə araya bilərdi, çünki müvəqqəti aclıq təsiri altında menşeviklərin təbliğatına qapılan və Bakı Sovetinin təhlükə qarşısında qoyaraq, menşevik qərarkahına keçən ancaq Nobel işçilərinin bir qismi idi. Xanımların səyahət marşrutu düzəldilmişdi: onlar faytonlarla Balaxanı—Sabunçu rayonlarındakı neft mədənlərinə tamaşa etdikdən sonra fabrik-zavod rayonuna gedəcəkdilər. Gündüz saat on birdə «Metropol» otelinin qarşısında şəhərin birinci sayılan faytonları durmuşdu. «Metropol» otelinə girib-çıxanlar hər günkündən çox idi. Hələ Nikolayevski və Olkinski küçələrinin tinlərində yığışan əhalinin çoxluğu da, burada fövqəladə və maraqlı bir hadisənin baş verəcəyini göstərirdi. Yenilik sevən və hər bir xırda işə böyük əhəmiyyət verən Bakı xalqı, yuxarı küçələrdən sel kimi axaraq «Metropol» ətrafına gəlirdi. Son günlər maraqlı və gözlənilməz hadisələrə alışmış geniş kütlələr, sanki hadisəsiz yaşaya bilməyəcəklərindən, bütün şəhəri gəzib yeni xəbər aramaqda idi. Hadisələr nə kimi məna və mündərəcəyə malik olursa-olsun, Bakı xalqının hər bir nəfəri, eyni hadisəni öz səviyyəsinə və mənafeyinə uyğun bir mənada göstərməyə çalışırdı. Müxtəlif hadisələr, müxtəlif partiyalar və rəngbərəng əqidələr şəhərinə çevrilmiş Bakı öz həyatını sükutla keçirməmək, əylənmək üçün sanki partiya mübarizəsindən doğa biləcək hadisələrin intizarını çəkir və buna qarşı bir ehtiyac hiss edirdi. Bunun üçündür ki, «Metropol» otelinin qarşısında duran faytonların təzəliyi və çoxluğundan da bir hadisə olacağını duyurdular. Hər kəs bir cür söz danışır, faytonlar hər kəsə bir cür görünür, bu hadisə hər kəsin zehnində bir cür təsir buraxırdı, çünki menşevik, eser, daşnaq, müsavat, əhrar, ittihad-islam təbliğatı içərisində çapalayan xalqın zehnində böyük bir ixtilaf törəmişdi. Bolşevik təşkilatlarının aralığa atdığı həqiqətə qarşı qoyulan minlərcə hiylə, haqsızlıq, uydurmalar, Bakı xalqına mənfi bir təsir bağışlamışdı. Kütlələrin birliyi pozulmuş, onlar müxtəlif əqidələr və mənfi qruplara bölünmüş, daha açığı hər kəs ağzını bir tərəfə çevirərək, məchul bir istiqbala doğru gedirdi. Müəyyən bir əqidə və məfkurə ətrafına toplanmaq istedadına malik olmayan kütlələr gündəlik siyasi hadisələri öz şəxsi mənfəətlərinə uyğun bir rəngə salmağa çalışırdı. Yenilik ümidi verən «Metropol» ətrafına toplananların əksəriyyətini biri digərinə qarşı qoyulan əqidələrin təşviqatçıları təşkil edirdi. «Metropol»un qarşısında, Bakı milyonçusundan başlayaraq, Bakı dilənçisinə qədər hər tipdə adam görmək mümkün idi. Biri digərini görmək istəməyən sinif və təbəqələrin nümayəndələri, ancaq burada biri digərini görür, burada da birləşirdi. Hələ əl ticarəti ilə məşğul olanlar otelin qarşısındakı faytonların ətrafında sanki səfərbər edilmişdilər. Müxtəlif simalardan müxtəlif səslər və çürbəçür əqidə nümayəndələrindən siyasi söhbətlər, müxtəlif şey satanlardan isə çürbəçür tərif və qiymətlər eşitmək mümkün idi. Ancaq bu səslər nə cür və nə kimi şivə ifadə edirsə-etsin, insan bunları eşidərkən belə bir qərara gəlirdi: «Bakı bahalıqdır, Bakı ziddiyyətlər şəhəridir». Bu səslər, Bakı proletariatının qurduğu Sovet hökumətinin qarşısına çıxan düşmənlərin barışmaz olduğunu göstərirdi. Menşevik, eser və daşnaq partiyalarının yaratdığı aclığın və çətinliyin böyüklüyünü ən xırda şeylərin qiymətlərində də təyin etmək mümkün idi. – Jarnı fındıq! İyirmi dənəsi bir manat! – deyə səslənən uşağın yaxınında duran iki nəfər bir-birilə danışırdı: – Bu da bolşeviklərin bizə vəd etdiyi cənnət! İyirmi fındıq bir manat! İndi gəl alıb külfət saxla, görüm necə saxlayacaqsan? Bu sözə digəri cavab verdi: – Sevin, sevin! Naşükür olma, hələ bunu da tapmayacaqsan. Çünki fındıq ağacları gündə fındıq gətirmir. Bir gün o da qurtaracaqdır. – Onda bəs nə yeyəcəksən? – Rusiyada xalq yeyən şeylərdən. – Məsələn?! – İt, pişik. Hərgah kifayət etməzsə, oğul-uşağı da yeyə bilərsən. Söhbətə üçüncü biri girişdi: – Sözü gərək başda, ürəkdə bişirib danışasan, lakin siz sözünüzü mədənizdən çıxarırsınız. Bunun üçün də pis iy verir. Siz ya bolşevik düşməni, yainki boşboğazsınız. Bir halda ki, çörək gələn yolları sizin həmməsləkləriniz bağlamışdır, o zaman bolşeviklər sizin qarnınızı haradan doyursun? Bu söhbət birinci adamı əsəbiləşdirdi və o axırda danışana acıqlı bir sual verdi: – Balam, bizim həmməsləklərimiz kimdir?.. – Müsavatçılar, nemsələr, türklər və Şimali Qafqaz əksinqilabçıları! Çörək yollarını sizin öz yoldaşlarınız bağladıqları üçün, bolşevikləri tənqid etməyə heç haqqınız yoxdur. – Onlar nə üçün bizim yoldaşlarımız olur? – Sözlərinizdən bəllidir. Əvvəlkilər özü-özlərinə mırıldayaraq ötüb getdilər, ikinci bir səs eşidildi: – Şor qoğal! Birisi beş manat! Bu səs də təsirsiz qalmadı, yanında duran iki nəfər bir-birinə dönərək: – Birisi beş qəpik olan şor qoğalına indi beş manat ver də, baş saxla görüm necə saxlayacaqsan? Bir başqası: – Öz bəlanızdır, – dedi, – şikayət etməyə haqqınız yoxdur. Öz qurduğunuz hökumətdir – özü yıxılan ağlamaz. Hələ bu nədir ki? Nə özləri məmləkəti idarə etməyi bacarırlar, nə də iş bacaran adamları iş başına qoyurlar. Doğru deyirmişlər: bolşeviklər deyirdi ki, «biz həyatın şəklini dəyişəcəyik», buna xalq inanmırdı, buyurun! Bu da həyatın dəyişmiş şəkli! Başqa birisi darağını çıxarıb saqqalını daradı, burnunun deşiyindən görünən artıq tüklərdən bir neçəsini çəkərək asqırdı və dedi: – Qoy ingilislər gəlsin, hərgah bu gün onlar Bakıya gəlsə, sabah Bakı bazarında İran malının əlindən boş yer tapmayacaqsan. Düyüsündən düyü, ləpəsindən ləpə, xuşkbarından xuşkbar, yağından yağ, balından bal, nə qədər meylin çəkirsə, al. Amma indi bolşeviklərin bərəkətindən boşça dükana icarə verib oturmuşuq. Sən öləsən. Məşədi Qulamhüseyn, həftələrlə tərəzi tərpənmir. Dükançının sözlərinə qulaq asan başqa birisi: – Sizin bütün fikriniz dükanınızın yanındadır, – dedi, – lakin sizin dükanınız olmasa da, yaşamaq olar. Bu sözdən sonra iki səs birdən eşidildi: – Buyurun, yaşayın görüm! Çörək görəndə elə bil ki, möcüzə görürsünüz. – De görüm, məmləkətdə halal kəsb olmasa, alış-veriş olmasa, nə cür yaşamaq olar? De görüm! Nəyə durmusan? Bəs halal kəsb nədir? Bu söhbətə qarasaqqal, başında buxara dərisindən dəyirmi papaq olan, üzü qırmızı, dişlərini daim ağardan bir nəfər də qarışaraq, yavaşdan dedi: – Bu sözləri bir rus, bir erməni, bir yəhudi və ya bir moltanı desəydi, məni yandırmazdı. Amma bunu bir nəfər müsəlman deyir. Müsəlmanın bolşevik ağzına yaraşan bir söz danışmağı həqiqətdə də insanı naümid edir. Qara və yoğun bığlı, gədək boylu, gözləri trahoma xəstəliyinə tutulmuş başqa birisi onun sözünü təsdiq edərək: – Ağa düz buyurur, biz ağıllı olsaydıq, müsəlmanlar bu günə qalmazdı. Kənardan bir səs eşidildi: – Güc-bəla ilə Nikolayın əlindən qurtarmışıq, indi də padşahımız neft milyonçuları ilə Gəncə, Şamxor bəyləri olacaqdır, – dedikdə əvvəlki də ona cavabla: – Milli namusun yoxdur, – dedi, – insafın yoxdur, bax gör bu da bir həyatdırmı? Bu mövzuda gedən söhbətləri başqa birisi yarıda qoyaraq: – Bolşeviklər tamamilə başqa cür düşünür, – dedi, – burjuaziyanın yaratdığı sənət, mədəniyyət, ticarət tamamilə məhv edilməlidir, daha açığı: dünyanı ibtidai halına gətirmək lazımdır. Yüksək binalar dağıdılmalı, insanlar, əvvəldə olduğu kimi, yenə ağaclarda yuva salmalıdırlar, meymunlara qoşulub meşələrdə gəzməlidirlər. Çayların kənarında dördayaqlılar kimi oturmalıdır. Daş, ağac, bürünc dövrünə keçməlidir... Qadınlarla kişilər bərabərləşməlidir. Yəni qadınlar da kişilər kimi işləməlidir. Başqa mənada, yəni ki, bütün bəşəriyyət işçi şəklinə düşməlidir. Mətbəx işçiləri də, qab-qacaq yuyan qadınlar da dövləti idarə etməyi bacarmalıdırlar. Bunlar Leninin sözləridir. Bu sözlərdən rusiyalılar nə mənfəət götürübsə, qafqazlılar da elə mənfəət götürəcəkdir. Bu sözləri danışan bədənçə çürümüş, fikri qədər süquta varmış, qiyafə və libas cəhətcə gülünc bir vəziyyət almış, ifadə və nitqcə istehza obyekti olmuş bir menşevik təbliğatçısı idi. «Metropol» otelinin qapısında toplanıb bir hadisə intizarında duran adamların çoxu, insanlığın mənfi şəklini almış bu menşevik təbliğatçısının zühurunu da bir hadisə kimi sayaraq, başına toplanmışdı. Lakin o, bu toplanışı kütlənin menşevik təbliğatına qapılması kimi anladığından sevinir və özünə kütlə tərəfindən böyük hörmət bəsləndiyini zənn edirdi. O, tərz-ifadəsində fövqəladəlik göstərməyə və menşevik təbliğatını dərinləşdirməyə çalışırdı. Əlbəttə, bununla maraqlanmamaq və ona qulaq verməmək heç də qabil deyildi. Gözünə taxdığı eynəyinin bir şüşəsi ağ, bir şüşəsi qara, döşündən asılan iki qara qaytanın birisi eynəyini, o birisi də şlyapasını küləkdən saxlamaq üçün idi. Özünün dediyinə görə şlyapasının tarixi o qədər də uzun deyildi. O, hələ Qazan darülfünununda «qraf İlmanskinin» əli altında elmi-ilahi dərsi verdiyi və sosialist partiyasına yeni yazıldığı vaxt, bu şlyapanı almışdı. O zamandan bəri günəş, toz, qar, yağış və tər təsirindən bu şlyapa öz həqiqi rəng və şəklini itirmiş, hazırda küçə təbliğatçısının qırxılmış təpəsində çətinliklə durmaqda idi və ağ bir günbəzin təpəsinə düşən quru başmaq tayı şəklini almışdı. O, şlyapasını əlinə alaraq, sözə başladı: – Əqilsizlikdir, – dedi, – ac-ac məmləkətdə sosializm qurmaq, sabun köpüyü ilə ev tikmək kimi bir şeydir. Yanındakılar da onun qara vizitqasının yırtıq, qaralmış, çirklənmiş yaxasına baxıb gülür və ağ çəsunçədən tikilmiş və yuyulduqdan sonra ütülənməmiş qısa jiletinə tamaşa edirdi. O, əlini atıb şalvar cibindən dəsmalını çıxardıqda yanında duranlar geri çəkildilər. Çünki burunotu qoxusu yayan bu dəsmal, sanki işləndiyi gündən bir dəfə də yuyulmamışdı. Şalvarının qırılmış düymələri arasından çan köynəyi görünməkdə idi. O yenə sözə başladı: – Bizim kimi mədəni və təmiz insanları hökumətdən uzaqlaşdırmağın, hökuməti lüt və natəmiz adamların əlinə tapşırmağın özü də cəmiyyəti geri çəkmək deməkdir. Təbliğatçı tər tökürdü, o, açı bağırsaq kimi qırışmış yaxa bəndini qaldırıb alnını və burnunu silirdi. Fövqəladə qonaqların oteldən çıxması təbliğatçının qısa nitqini dayandırdı. Oteldən çıxan qızların üçü də ingilis zabitlərinə məxsus paltar geyinmişdi. Bunlardan birisi İngiltərə kralının fəxri yavəri və Hindistan, Dehli taxtının vəliəhdi şahzadə Bahadır xanın, digəri isə Bakıya gəlmək üçün Ənzəlidə hazırlıq aparan ingilis missiyası üzvlərindən Tiq-Çonsonun nişanlısı idi. Demək birincisi Leyla xanım, digəri isə Raya xanım idi. Üçüncü qız da erməni milli sovetinin üzvü, doktor Araratyanın qızı Ester xanımdı ki, bu da erməni taboru komandanı Hamazasbın sevikli nişanlısı idi. Qızlar otelin qarşısında durub danışdıqları vaxt faytonların ətrafında duranlar da mübahisəyə başlamışdı. Onlardan birisi: – Bu qız ingilis deyildir, – dedi, – bu ingilis qızı olsa, mən bığlarımı qırxdırarım, onun üz-gözündən müsəlmanlıq yağır. Bundan sonra bizə bərk qoymaq haramdır, millətinə, istiqlaliyyətinə xain çıxanlar, bizim partiyamızı bu hala qoymasaydı, bu gün cavan bir müsəlman qızı bir xaçpərəstin qoluna girə bilməzdi. Lakin bizi qoymadılar; öz xain müsəlmanlarımız bolşeviklərə qoşulub partiyamızı bədbəxt elədilər. «Müsavat» kimi namuslu və islamiyyətin sütunu hesab olunan bir partiyanı dağıtdılar, axırda iş gəlib bura yetişdi. Cavan müsəlman qızı açıq gəzməklə kifayətlənməyərək, bir xaçpərəstin qoltuğuna da girir. Yanında duranlardan birisi gülərək: – Bığını o tərəfə tut! Gözümüzü çıxartdı, – dedisə də o, yenə sözünə davam edir və istiqlaliyyət sözlərini tez-tez təkrar edirdi. Nəhayət digər birisi: – Səsini kəs! – dedi, – sizi gördük. Bir zibil deyilsiniz. Siz də köhnə nəğmələri çalırsınız. Siz də milyonçuların quyruğunda getdiniz, xalqı öz arxanıza salmaq istədiniz. Hər kəs danışsa da, siz danışmayın. Müsavat təbliğatçısı tez keçib getdi, onun sözlərini təsdiq edənlərdən birisi isə: – Cənab Abasqulu doğru buyurur, – deyərək, ətrafındakıları inandırmağa tələsdi. Bu sözlərə qarşı «doğrudur!» deyənlər vardısa, gülənlər və etiraz edənlər daha çox idi. Bunun haqqında da danışılır və onun kim olduğu haqqında suallar verilirdi. – Abasqulu Qazımzadə deyildirmi? – Özüdür ki, var. – Əcəba, bu, Bakıdan qaçmamışdımı? – Qaçmışdı, çünki fırıldaqları baş tutmamışdı. – İndi bəs nə üçün qayıtmış. – Çünki türk ordusu Bakıya yaxınlaşır. Başqa cür danışanlar da var idi. – Bolşeviklər bizdə kişilik qoymadı. Bir neçə ay bundan qabaqkı vaxtım olsaydı, uşaqlardan birisinə deyərdim: «adə, o qapıda duran qızların üçünü də bas faytona, düz-doğru apar Maştağaya!», ondan sonra soruşardım ki, deyin görüm siz kimin qızısınız?! Bu sözləri danışanlar Bakı milyonçularının quyruğu qocu Nəcəfqulu və Teymurbəy Aşurbəyov idi. Faytonların ətrafına toplaşıb gənc qızlara tamaşa edənlər arasında belə söhbətlər də eşidilirdi: – Olduqca gözəldir – kirpiklərinin hərəkətini görməsəydim, ağ mərmərdən tökülmüş bir heykəl olduğunu zənn edərdim. «Obraz» verə bilməyəcəyəm, çünki gözəllik bütün obrazların fövqündədir. Gözlər mavi, saçlar altun, dodaqlar marmalad, barmaqlar kanfet, bütün vücud bir incə sənət əsəridir. Sən hələ o qara saçlı qıza bax! Yanındakı: – Əlbət ki, baxaram, – dedi, – ona məmləkətin şanri də baxmasa, kimlər baxacaqdır? – İndi ki, baxırsan, bəs nəyə durmusan? – Əlhəmdülillah, özün də məşhur şairimizsən, bunu yalnız mən demirəm, bütün «Şəlalə» məcmuəsinin oxucuları da deyə bilər. Sən «Şəlalə» məcmuəsinin hər vərəqində gözə çarpırsan. Sənin şerlərinin hər misrası şərəfinə cənab Əhməd Kamal yüzlərcə qədəh qaldırmışdır. Sən o şərəfi axıra qədər davam etdirmək üçün o qara saçlı, qələm qaşlı və uca boylu qıza bir neçə şer yazmalısan. Şair əlini başının dazına çəkərək, ağzını yumdu, burnundan dərin bir nəfəs aldı, bir az dişlərini sordu, sonra gözlərini qıza bərəldərək: – Şer yazacağam, – dedi, – amma o şerlərdən yox. Sən öləsən, dayımın qəbri haqqı, təbim bu saat gəldi. O qara qaşlara gör nə obraz verəcəyəm. Bax, bax, bir dinlə! Şerə başlayıram. Ölmə sən, ey şair! Oxuyuram! Ey şair! Sən nə qədər həssas bir təbiətsən! Eşit! Eşit! «Gördüm incə bir qız, küçənin başında, Sanki tərsə dönmüş, bir cüt ay qaşında!» – Oldu ki? – Əlbəttə, oldu! – Bir də dinlə! Sən öləsən, özüm də bu şeri deyə biləcəyimə inanmıram. Bax, ilham da bunun özüdür də, insan heç xəyalına gətirmədiyi bir halda görürsən elə bir şey yaratdı ki, özü də inanmadı. Yox, mən heç vaxt özümü belə bilməzdim, bu dediyim əvvəl dediklərimə bənzəməz, çünki bu, tam mənasilə bir şer oldu. – Oldu, nə qədər nəfis şer, nə qədər bədii obraz! İnsan ancaq bu kimi parçaları oxuduğu zaman ağır və təhəmmül edilməz qəmlərini unuda bilir. Hərgah dünən Nardaran bağlarında yazdığım və partiyamıza ithaf etdiyim şerdən bir bənd sənə oxusam, biləcəksən ki, mənim özümün də səlis təbim vardır, mən ölüm, bir şerə bax! Amal-milliyəmizi təsvir edən bu sətrləri gərək mənim qəbir daşıma yazasınız. «Avarə qaldı, millətimiz rəhnuması yox. Qəmkəş rəisi, qeydə qalan pişvası yox. Bir dərdə saldılar bizi hərkiz dəvası yox. Tufani-iztiraba dönüb ruzigarımız». De görüm necədir? – deyə soruşduqda o birisi: – Milli şairimizsən də! – dedi. – Sən öləsən, şeri bağda yazıb Məhəmmədəmin cənablarına oxudum, ikimiz də ağladıq. O, özü də sən deyən sözü dedi və gələcəkdə mənə heykəl qoydurmağı vəd elədi. – Bununla bərabər sən də şairsən axı! – Əlbəttə, şairəm, qoy başqaları deməsin və məni də şair bilməsin, mənə, sənin fikrin lazımdır, şairi ancaq və ancaq şair tanıya bilər. Amma o qıza bir də bax. Bu məlahət özgə millətdə olmaz, bu yalnız islam gözəlinə məxsusdur. O birisi: – Doğrudur, – dedi, – amma o gilas gözlü qız haqqında da sükut etmək olmaz, o mənim şer ilahəmdir, ona gözəl bir şer yazacağam, yenə də kədərləri, qüssələri, bu kimi şerlərlə unutmaq olur. Onun yoldaşı: – Doğrudur! – dedi. – O kişi paltarı geymiş ala gözlü qızı görən hafizpəsənd bir şair, dinc dura bilərmi? – And olsun hacının qəbrinə, şerin mətləini başladım. – Nə tez? – Necə məkər tez? Sən bilmirsən, mənim təbim şollar suyu kimi axır? O birisi dedi: – Heyf olsun ki, bir vaxt sən bu millətin əlindən gedəcəksən. – Eybi yoxdur. Mən olmasam da mənim heykəlim Bakının məşhur küçələrinin birisində qoyulacaqdır, mənim heykəlim də istiqlal deyə bağıracaq. İndi şerə qulaq as. «Bu hala baxsam əyər məndə gör nə halət olur? O sərv qamətini görcəyin qiyamət olur». – Necədir? Xoşuna gəldimi? – Şerdir. Bədii həyəcan yaradan şerdir. – Hələ dalına qulaq ver! «Səfayi-gülşənə çıxma, bahara görsənmə! O gül cəmalı qızılgül görüb xəcalət olur». Şair şeri oxuduqdan sonra, ikinci şair bir ah çəkərək: – Bolşeviklər şerə də, bədii ədəbiyyata da qələm çəkdilər. Hərgah hökumət öz hökumətimiz olsaydı, sənin bu iki beytin haqqında ədəbi məcmuələrdə vərəqələr dolusu təqriz yazmazdılarmı? Kişi, bir sözə bax! Yəni necə «o sərv qamətini görməsəm qiyamət olur?» Əcəba, bu kəlmələri hər adam deyə bilərmi? Əbədən! Bu ilhamdır, bu bir fövqəladə və hiss edilməz qüvvətin məhsulu deyilmidir? Mən ölüm, bunları yazıb mənə ver! Bu şer milli ədəbiyyatımızın inkişafı üçün müəyyən bir çığır açır. Mən axtardığım yeni şer sənətinin ilk müjdəsini səndən aldım. Buna görə də mən özüm buna bir nəzirə yazacağam. Özünü də aparıb yuxarı məhəllə şairlərinə göstərəcəyəm və hər birinin bir nəzirə yazmasını rica edəcəyəm. İndiki zamanda biz milli ədəbiyyatımızı genişləndirməliyik. – Amma, rica edirəm, şeri oxuyasınız, lakin surətini yazmağa qoymayasınız. Çünki çapıq Əliheydər də şer deməyə başlamışdır. Xüsusən Bəşir Aşurbəyov da onun-bunun şerini götürüb «Nadir» təxəllüsü ilə oxuyur, özünə də söz demək olmur, çox danışanda, tapançasını qabağa çəkir. – Göstərmərəm, qorxma! Amma ora bax, o oğlan libasına girmiş qızlara baxanda rəhmətlik Hafizin bir misrası yadıma düşür. «Yad pədər nəmikunəd, in pəsəran-sənkdil». Hafizin bu misrasını eşidən şair, özünü düzəldərək: – Mən özüm əsrin Hafiziyəm, lakin bizim təbi şairanəmizə təkan verən yoxdur. Sən Sədi və Hafiz dövrünün şairlərə qiymət qoyan «Ətabək»lərini ver mənə, özüm də ənçir ağacının kölgəsində oturum, təzə xiyar, sarımsaqlı qatıq, şor kütümlə arağı da qoy qarşıma, onda Sədi ilə Hafizi çağır gəlsin görüm, bu lələşin qabağında nə iş görəcəklər. O biri şair xəfif surətdə güldükdən sonra: – Amma mən belə deyiləm, – dedi. – Mən Puşkin və Tofiq Fikrət yolu ilə gedirəm. Mən ki, yazmağa başladım, gərək labüddən qabağımda mürəbbədən, ənçir ricalından-zaddan bir şey olsun, bir qaşıq rical – bir bənd şer, nə qədər yaxşı şerlərim varsa, hamısını bağ vaxtı yazmışam. «Metropol»un qarşısında duran qızların təxirinə səbəb Ayollonun öz vədini pozub yubanması idi. Ayolla gələn kimi onlar faytonlara oturmağa başladılar, şairlərin Hafiz, Sədi, Puşkin və Tofiq Fikrətlə başladıqları «müsabiqə» söhbətləri də bitməmiş qaldı. Sadovski Leyla xanımın qolundan tutub faytona qaldırdı, özü də onunla bərabər əyləşdi. Raya xanım isə İvanovla bərabər faytona oturdu. Doktor Araratyanın qızı və Hamazasbın nişanlısı Ester xanım isə Hamazasb cəbhədə olduğu üçün Ter-Avetisovla bərabər faytona oturub yola düşdülər, «Metropol» qabağında duranlar isə hələ dağılıb getməmişdi, çünki onlar qızların yenə də «Metropol»a qayıdacağını gözləyirdilər. Şəhərdən o qədər də uzaqlaşmamışdılar. Sadovski Leyla xanımla söhbətə başlamaq üçün giriş axtarırdı. Qız 22 yaşında, gözəl, məşğuledici, kişilər qədər açıq, elmli, tərbiyəli və cəmiyyət arasına çıxmış bir qız idi. Sadovski bir tərəfdən bunları düşünür, onun gözəlliyini qeyd edir, ondan zövq duyur, o biri tərəfdən də unutmur ki, ingilis kralı yavərlərindən Hindistan şahzadəsi Bahadır xanın qadınıdır, o həm gözəldir, həm də gözəl bir istiqbalın açarıdır. Siyasi səadətin məxəzidir. Sadovski üçüncü bir cəhəti də nəzərdə tutmuşdu. O, eyni zamanda özünün bir ingilis tərəfdarı olmaqla, mədəni, elmli, tərbiyəli bir sima olduğunu göstərməyə səy edirdi. Sadovskinin düşüncəsinə hakim olan bu cəhətlər, mürəkkəb və qarma-qarışıq bir şəkil almağa başlamışdı. O, başında fikirləri bir-birindən ayırmağı və müəyyən bir şəkil verməyi bacarmırdı, şəhərdən kənara çıxandan bəri bu fikirlər üzərində çalışırsa, yenə də qızla danışmaq istədiyi söhbətlərin müqəddəməsini tapa bilmirdi. Bu düşüncələr uzun sükut tələb edirdi ki, bu da menşevik rəhbəri ilə bir faytonda oturan qızın darıxmasına səbəb olurdu. Leyla xanım Sadovskiyə belə bir sual verdi: – Əcəba, biz təbiətin nifrətini qazanmış bu otsuz, əlafsiz və qumluqdan ibarət olan çölləri və qısır təpələri sükutla gözdən keçirmək üçünmü səyahətə çıxdıq?! Sadovski bu sualdan sonra onun ağ əlçək içərisindəki əllərindən tutaraq soruşdu: – Buyurun görüm, mən sevimli xanımla hansı dildə söhbət edə biləcəyəm? Mən öz fikrimi hansı bir dildə ifadə etməliyəm? – Siz hansı dili çox sevirsiniz? Şübhəsizdir ki, sevdiyiniz dildə danışmağınız daha gözəldir. – Mən həm ingilis, həm də rusca danışa bilərəm. Lakin ən sevdiyim dil ingilis dilidir. Buna baxmayaraq, gözəl xanımın da bu barədəki fikrini bilmək istərdim. Leyla xanım əlini onun əlindən ahəstə çəkdiyi zaman dedi: – Mən ingilis dilini aləmşümul bir lisan olduğu üçün öyrəndim. Alman dilini texnika və sənaye dili olduğu üçün oxumuşam. İtalyanca oxumaq çox lazımdır, çünki xüsusən musiqi dərsi keçənlər üçün bu dil birinci növbədə lazımdır. Fransız dili diplomat dilidir, xüsusən Fransa ədəbiyyatını orijinaldan oxumaq üçün o dili hər bir mədəni insan bilməlidir. Fars dili ədəbiyyat və şer dilidir. Onu oxumayan Şərqi tanıya bilməz. Xəyyam, Hafiz, Sədilərin əsərlərini fars dilində oxuya bilməyən bir şərqli mədəni adam deyildir. Türk dilinə gəldikdə, onun da başqa bir əhəmiyyəti vardır. Rusçanı müvəffəqiyyətlə öyrənirəm. Bu Oktyabr inqilabının yaratmış böyük bir xalqın dilidir. Mümkün olursa, mən başqa dilləri də öyrənəcəyəm. Xüsusən çox dil bilmək, qadınlar üçün daha artıq lazımdır. – O nə üçün? Qadınların hər bir dili bilməyə məcbur olmasının səbəbi nədir? – Kişiləri öyrənmək üçün birinci növbədə onların dilini bilmək lazımdır. Leyla bu sözlə Sadovskini güldürdü, özü də güldü, nəhayət Sadovski: – İndi ki, belədir, gəlin ingilisçə danışaq. O dili həm sevir, həm də azad danışıram, – dedi. Sadovski ingilisçə sərbəst danışa bilmirdi, lakin buna baxmayaraq menşevik fəlsəfəsinə dair cümlələri tamamilə aydın deyə bildiyi kimi, bolşeviklərə qarşı düzdüyü tənqidləri də anlaşılmamış qalmırdı; öz fikrini ifadə edə bilirdi. İngilis dilinin gol-qabırğası əzilsə də, bolşevikləri dünya nəzərində hörmətdən salmaq üçün qəbul edilmiş tənqidlərin bir hərfinə belə xələl yetirilmirdi. Fayton Keşlə kəndinin yanından keçirdi. Şiddətlə əsən şimal küləkləri, Sadovskinin ağzından çıxan fəlsəfi sözləri qəliz tozun boz kəfənlərinə bürüyüb Keşlə kəndinin batmış və buraxılmış qəbirlərində dəfn edirdi. Şimal küləkləri Leylanı əyləncə halına salan və şahmat taxtasına bənzəyən kepkasını başından alıb qaçmaq istədi. Saçları Sadovskinin üzünə toxundu və Sadovski fürsətdən istifadə ilə Leylanın başını qolları arasına aldı. İndi artıq gözünə Keşlənin xaraba qəbiristanlıqları deyil, dəbdəbələr, rütbələr, ali vəzifələr, apartmanlar, ehtişamlı sarayların, içərisi dünya gözəlləri ilə dolmuş olan qəsrlər, ingilis sənəti-məmariyyəsi ilə tikilmiş qələciklər görünürdü. Sadovski aristokrat nəzakətinin bütün təfərruatını, burjuaziya zövqünün qadından tələb etdiyi bütün gözəlliyini təcəssüm etdirən bu qızın başını qolları arasına alarkən belə düşünürdü: «Mən bu gözəl qızın vasitəsilə, İngiltərə kralı yavərlərindən şahzadə Bahadır xanla tanış olacağam, biz sıxı əlaqəyə girişəcəyik, mən istiqbalımın təməl daşını bu gözəl qızla olan tanışlığımın nəticəsində qoyacağam». Bu fikirlər menşevik rəhbərlərinin başında böyüdükcə Abşeron yarımadasının da şəkli dəyişməyə başlayırdı. Sanki daxili düşüncələr həyata keçir və arzuları da get-gedə təzahür olurdu. Menşeviklərin yardımı nəticəsində İngiltərə imperializmi Zaqafqaziyanı işğal edir, Zaqafqaziya, İran və İraqla birlikdə İngiltərə müstəmləkəsinə çevrilir, İngiltərə lordlar palatasına namizədlər qoyulduğu vaxt, Sadovski də Zaqafqaziya nümayəndəsi sifəti ilə Londona gedir. Lordlar krala təqdim olunmaq üçün «Bukinqam» sarayına getdiyi zaman, Sadovski də onlarla bərabər kralın süfrəsinə dəvət olunur. Müstəmləkə naziri Seymon irəli çəkilərək lordluq rütbəsinə yeniçə nail olmuş Sadovskini krala təqdim etməklə: – Əlahəzrət! – deyir, – bu zat, Bakı neftini ingilislərə verən və bütün Rusiya sənayesini yanacaq böhranına düşürən namuslu menşeviklər nümayəndəsidir. Kral Sadovskiyə etinalı bir nəzər salaraq deyir: – Lord Sadovski! Sonra da kral ona əlini uzadır, Sadovski isə ayaqlarını kip qoyaraq, əskəri nizam alır və sağ əlini kral Keorkiyə uzadır. Sadovski bu təsir altında əlini uzadarkən, Leyla da saçlarını toplayıb kepkasını başına qoyurdu. – Məhəbbətinizdən məmnunam! – deyərək Sadovskini şirin rəyasından ayırdı. Lakin o, ruhunu saran xəyalın nəşəsi təsirilə: – Sevirəm! – dedi, – dəlicəsinə sevirəm! Leyla onun nə vəziyyətdə olduğunu hiss etməmiş deyildi. Buna görə də onu utandırmadı. – Hiss edirəm! Siz mədəni olduğunuz üçün də mədəni ingilisləri sevirsiniz, – dedi. Sadovski Leylanın bu sözündən sonra özünü yığışdırdı. Leylanı şübhəyə düşürməmək üçün: – Bəli! – dedi. – Bütün səyimiz mədəni ingilislərlə əlaqəyə girməkdən və mədəni bir hökumət qurmaqdan ibarətdir. Lakin bolşeviklər azadlığın İngiltərə bayrağı kölgəsində göyərə biləcəyini birdəfəlik anlamayıb, Rusiyanı çox ağır vəziyyətə düşürdülər. Leyla Sadovskiyə belə bir sual verdi: – Əcəba, bəzi məsələlərdə siz bolşeviklərə küzəştə getməklə vahid cəbhə düzəldə bilməzdinizmi? – O heç mümkün deyil, bolşevik nəzəriyyəsində menşeviklərə qarşı qəti bir barışmazlıq vardır. Aralıqdakı ixtilaf o qədər böyükdür ki, biz o ixtilafa qarşı az bir küzəştə getmiş olsaq, min illərlə vücuda gələn mədəniyyəti məhv etmiş olarıq. – Nə üçün? – Çünki biz dünyanı tədrici olaraq sosializmə aparmaq istərkən, onlar buna etiraz edir və bu yolu inkar edir, proletariatın silahlı qiyamı məsələsini meydana sürürlər. Onlar, burjuaziyanın ədalətinə inanmadıqları üçün burjuaziya öz insafilə proletariata heç bir şey verməz, proletariat silah gücü ilə öz hakimiyyətini ələ almalıdır – deyirlər, xüsusi mülkiyyəti isə inkar eləyirlər. İndi siz özünüz düşününüz, belə bir camaata küzəştə getmək, onlarla anlaşmaq və vahid cəbhə düzəltmək mümkündürmü? «Fabrik-zavod işçilərin, torpaqlar isə kəndlilərindir!» Biz, mədəni menşeviklər, bolşeviklərin bu şüarilə heç vaxt barışa bilmərik. Leyla əllərini üst-üstə qoyaraq: – Əcəba, bu mümkündürmü? – dedi, – «fabrik-zavod işçilərin, torpaq isə kəndlilərin»; bəs yerdə qalan xalq necə olsun? Fabrik-zavodları tikdirənlər və torpağın şəri sahibləri necə olsun? – Bolşevik fəlsəfəsində öz əməyi ilə yaşayanlar hər şeyə sahib olmalıdırlar, əməkçi olmayanlar istismarçı və başqalarının zəhmətindən istifadə edənlər imiş. Neft buruqları görünürdü. Şəlalə kimi mazut axıdan dolçaların səsini, buruq ormanlarının içərisindən eşidən Leyla Sadovskiyə bir sual da verdi: – Bu buruqlar kimindir? – Bolşeviklərin fəlsəfəsincə, onların sahibi, onların içərisində çalışanlardır. Bunların dikəlməsi üçün milyonlar sərf edən zənkin adamlar guya öz pullarını işçilərin qanından sormuşlar. Gözəl qız, siz gərək bizə kömək edəsiniz, biz camaatı xilas etmək üçün ingilisləri Bakıya çağırmışıq, siz bunları cənab şahzadəyə yazmalısınız, onların Bakıya gəlmək üçün bircə gün yubanması, mədəniyyəti on illərcə geri atır. Biz bu zənkin ölkəni alman-türk ordusuna yedirmək istəmirik. İngilislər bizimlə müttəfiqdir, yenə də Qafqazı onlara verməyə və ittifaqı davam etdirməyə çalışırıq. Biz onlarla ümumi mənafe uğrunda çalışmağa söz vermişik. Biz, bolşeviklərə, işçiləri siyasi mübarizəyə cəlb etməməyi, onlara qurulması mümkün olmayan xəyali bir hökumət vədi verməmələrini məsləhət gördüksə də, onlar bizim sözümüzə baxmadılar. Sadovski sözünü bitirdi, Leyla xanım isə söhbəti yenə də menşeviklər üzərinə keçirərək dedi: – Mən bir neçə gündən bəridir ki, sizin və sizin partiyalı yoldaşlarınızın nə qədər yüksək səviyyəli və mədəni insanlar olduqları haqqında qənaət hasil etdim. Sadovski şadlanaraq: – Sağlıq olursa, – dedi, – cənab Bahadır xan Bakıya təşrif gətirdikdən sonra, siz mənim özünüzə qarşı müstəsna bir səmimiyyət bəslədiyimi görəcəksiniz. Leyla da bu sözdən nazlanaraq: – Əcəba, mənim şəxsiyyətim müstəsna bir şəxsiyyətmidir? – dedi. – Mən də adi bir qadın deyiləmmi? Sadovski Leylanın əllərini tumarlayaraq dedi: – Xeyr! Siz müstəsna bir qadınsınız, biz qadınlığı bolşeviklər kimi məna etmirik, siz gözəlliyin yüksəkliklərinə varan ziyalı bir qadınsınız, siz burjuaziya mədəniyyətinin incə və qiymətli bir məhsulusunuz, biz sizi bolşeviklər kimi qiymətləndirmirik. Siz mələklər dünyasında yaşamalısınız, bunun üçün biz, haman dünyanı yaşatmağa çalışır və buna mane olanlarla da mübarizə aparırıq. Sadovski bu sözləri danışarkən, işdən çıxıb, faytonun qabağında gedən sağlam bədənli bir qadını göstərərək: – Bu qadın neft işçisidir, – dedi, – bolşeviklər gözəllik üçün yaranmış incə və zərif vücudları ağır bir zəhmətin pəncəsinə verirlər. Sadovski bu sözünü dedikdən sonra Leyla xanımın əllərini sıxdı. – Lakin siz, bəşəriyyətin kədərlərini, zəhmətin ağırlığını unutdurmaq üçün yeganə bir vasitəsiniz. Biz kişilərin yaradıcılıq qüvvələrini artıran, bədii duyğularını coşduran, təbiətin möcüzələrini təcəssüm etdirən bir qadınsınız. Buna görə də, menşeviklər qadınlara verilmiş hüququn geri alınmasına tərəfdar deyildir, biz heç vaxt incə mənalarla dolu olan qadın kəlməsinin təhrif olunmasına imkan verəməyəcəyik. Bizim bolşeviklərlə olan ixtilafımızın birisi də həmin qadın məsələsidir, çünki biz, Leyla xanım kimi qadınları yüksək tuturuq. – Bolşeviklərin əsas məfkurəsi nədən ibarətdir? – Menşeviklərin dediklərinin əleyhinə getmək bolşevikin əsas məfkurəsidir. Sadovski uzun-uzadı hədyanlarına yekun vurmaqla Leyla xanımın əlini qaldırıb dodaqlarına qoydu, meşin əlçəkləri öpdü. Raya xanımla İvanov oturduğu fayton çox yavaş gedirdi, faytonlardan çox geri qalmışdı. İvanov hələ şəhərdən kənara çıxmadan, Raya xanımın çətirinin ucu ilə faytonçunu dümsükləyərək: – Tələsməyə lüzum yoxdur, – dedi, – küçələr daşlıqdır, xanımı rahatsız etməyin! Allahın heyvanlarına da əziyyət verib qovmaq yaxşı deyildir. Fayton yavaş-yavaş getdiyi kimi, söhbətlər də tədrici olaraq əsas məsələ üzərinə gəlirdi. İvanov öz mühakimələrində Sadovskidən çox irəli getmişdi, çünki Rayanın özü də buna imkan vermişdi. İvanovun bir əli Rayanın belində, digər əli onun əllərində idi. İvanov onun barmaqlarından öpərək: – Heç şübhə etmirəm ki, gözəl qız mənim ordu və donanmadakı nüfuzumdan xəbərdar deyildir. Cənab general və onunla da bərabər həşəmətli Bahadır xan və miralay Tiq-Çonson gələndən sonra mənim nüfuzumun yüksəldiyini bir daha müşahidə etmiş olacaqsınız. Bizim partiyamız dünyanı bolşevik təhlükəsindən qurtarmaq üçün ingilislərə istinad edən yeganə bir partiyadır. Sinfi fərq olmadan xalqın möhtac olduğu azadlığı ancaq biz verə biləcəyik. Xüsusən mənim özüm Brest-Litovsk müqaviləsi əleyhinə çalışan birinci mübarizəm. Ehtişamlı istiqbalın yolunu ancaq mən və mənim partiyam aça biləcəkdir. Mən sizin gözəlliyinizə and içirəm, bütün fikrim, bütün əməlim bəşəriyyətin azadlığından ibarətdir. Raya gülərək soruşdu: – Əcəba, gözəlliyə and içmək və onu bəşəriyyətin müqəddəs deyə yəmin etdiyi şeylərlə müqayisə etmək olurmu? İvanov onun belini sıxaraq: – Mənim ruhum,—dedi,—ola bilər, mümkündür. Gözəlliyə tanrı deyən adamları tənqid etmək də caiz deyildir, çünki gözəlliyin qüvvəti, bütün gözəlliklərin fövqündədir. O, hər kəsi diz çökdürə bilir, siz isə gözəllərin gözəlisiniz, çünki sizdə daxili bir gözəllik də vardır. Raya: – Siz bizi nə qədər tez öyrənə bildiniz!—dedikdə İvanov əlini öz döşünə qoyaraq: – Bağışlayın, açıq deyəcəyəm, mənim sevgim sudan safdır. Mən sizi öz əqidəm kimi sevirəm, sizi öyrəndim. Sevginiz qəlbimdə yer tutandan sonra öyrəndim. – Sevginiz kimlərədir? Leylayamı? Mənəmi? – Bu həqiqəti söyləmək üçün mənə icazə verəcəksiniz? Raya nazlanaraq: – Həqiqəti söyləmək üçün də icazə istənilərmi?—dedi.—İnqilabçı həqiqəti söyləmək üçün icazə istəməz. Həqiqəti icazə ilə söyləmək qorxaqlıqdır. İvanov özünü toplayaraq: – Haşa! Mən qorxaq deyiləm, buna mənim tərbiyəm və partiya namusum da yol vermir. Sevdiyim bir simadan icazə istəmək onun zatına qarşı bir hörmət deyildirmi? Əksinə olaraq məndə qorxu naminə heç bir hərəkət görməzsiniz, çünki sizinlə yan-yana oturan simada, qəhrəmanlıq bütün tamlığı ilə mərkəzləşmişdir. Məni nə qasırğalar, nə də ildırımlar sarsıda bilər. Mən dəhşətli top atəşlərini əyləncə sayan, ölümə istehzalar yağdıran, uçurumlardan soyuqqanlılıqla atlanan bir oğlanam. Raya yenə soruşdu: – Bunların hamısı doğrudur; deyin görüm mənimi, Leylanımı sevirsiniz? Bu sözlərdən sonra, İvanov onun əlcək içindəki barmaqlarını əmərək cavab verdi: – Bunu mən özüm deməyəcəyəm; icazə veriniz, bu həqiqəti sevdalı bir qəlbin çırpıntıları söyləsin, dinləyin! Qoyunuz bu döyüntülər sizə on günlük inqilabın uzun bir tarixini oxusun. İvanov bunu deyərək, Rayanın əlini qaldırıb öz köksünə qoydu. Aralıqda sükut başladı, bundan sonra Raya gülərək: – Dinlədim,—dedi,—çox diqqətlə dinlədim, o çırpıntıları oxudum, doğrudan da varlığınızda bir təbəddülat törətmişdir. Hərgah siz bu təbəddülata bir inqilab siması vermək istəyirsinizsə, o zaman mən bu barədə bir neçə söz demək istərdim. İvanov sevinərək: – Söyləyiniz,—dedi,—rica edirəm söyləyiniz! Raya məzhəkə yolu ilə: – İnqilabınızın tarixi çox qısadır,—dedi,—mənçə hələlik o, inqilab şəkli ala bilməmişdir. Görünür ki, bu inqilab, bizim Bakıya gəldiyimiz gündən başlamışdır. Mənçə uzun bir tarixə malik olmayan və ani bir surətdə doğan inqilaba sadəcə hadisə demək daha doğru olardı, sizin bu sevgi hadisəniz tədricən olaraq inkişaf etdikdən sonra, bir inqilab şəkli ala bilər, çünki uzun tarixə malik olmayan və dəhşətli mübarizələr nəticəsində inkişaf etməyən, hətta inkişaf qanunlarını keçə bilməyən, daha açığı zəminəsi uzun zamanlardan bəri qoyulmayan bir inqilabı yaşatmaq olduqca çətindir. Sizin sevgi hadisələriniz, uzun təcrübələr keçmədiyi, günün hadisələrini öz qoynunda bişirə bilmədiyi üçün bir hadisə şəklindən çıxa bilməz. Zatən sevginin özü də həyatda bir hadisədir. Hər bir ani və gələcəyi olmayan bir hadisəyə inqilab namı vermək doğru deyildir. İvanov başını qaldırdı və utanaraq dedi: – Mən arzu edərdim ki, bu sevgini böyütmək və onu hadisə şəklindən çıxartmaq üçün gözəl bir qızın səmimi ürəyi və incə əlləri də iştirak edəydi—mənçə müştərək fəaliyyətdə gözəl bir istiqbal vardır. Raya onun əlinə vuraraq çox ahəstə: – Mən indi sizi öz sözünüzlə tutdum,—dedi,—hərgah bir inqilabı möhkəm etmək, onu hadisə şəklindən çıxarıb qalib bir inqilab şəklinə salmaq üçün müştərək bir fəaliyyət lazımsa, o zaman sizin də bolşeviklərlə müştərək fəaliyyətdə bulunmağınız, siyasi və ictimai inqilabı möhkəm etməyə çalışmağınız lazım deyilmi? İvanov bir neçə dəqiqə qurdalandı, daxili aləmini araşdırdısa da, nə vicdan naminə bir şey, nə də söyləmək üçün layiqli bir cavab tapa bildi. Nəhayət Raya xanıma müraciətlə: – Gözəlim, gəlin siyasətlə sevgini qarışdırmayaq,—dedi. Raya: – Nə üçün?—deyə ona sual verdikdə o dedi: – Çünki siyasət o qədər ağırdır ki, onu qadınlığın incə tərəzisi çəkməz! Raya yenə də soruşdu: – Əcəba, siz qadınların siyasətə qarışmasının əleyhinəmisiniz? İvanov dedi: – Əlbəttə əleyhinəyəm! İvanov dodaqlarını Raya xanımın al dodaqlarına uzatmaq istədisə də Raya: – Bizim tanışlığımızın dar hüdudu, hələlik sizin bu geniş və sərbəst hərəkətlərinizə icazə vermir,—deyərək başını kənara çəkdi. İvanov çaşdı və yenə də: – O icazənin müddəti nə qədər uzun çəkərsə çəksin, yenə də mən haman səadəti gözləyəcəyəm. Raya İvanova belə bir sual verdi: – Siz qadınların kişilər ilə hüquq bərabərliyinə tərəfdarmısınız? İvanov cavab verdi: – Bəli, tərəfdaram! Raya dedi: – Siz hazırda qadınları fövqəladə bir şəxsiyyət kimi mənalandıraraq, mühüm bir şeyi tamamilə unudursunuz; çünki fikrinizdə ali və fövqəladə şəxsiyyət kimi nümayiş etdirdiyiniz qadına, adi bir insana verilə biləcək hüququ belə vermək istəmirsiniz. – Siz bəlkə də mənim qadınlar haqqındakı fikrimi lazımınca dinləmədiniz, yaxud da mən öz fikrimi lazımınca ifadə edə bilməmişəm. Biz nəinki qadınlara yüksək hüquq veririk, bununla bərabər kişilərin yalnız qadınlar üçün yaşamasını belə tövsiyə edirik. Biz hətta qadının sevib-sevilmək duyğularına geniş imkanlar yaradırıq. – Mənçə qadına siz deyən kimi sevib-sevilmək imkanı verməkdənsə, ona yaşamaq imkanı vermək daha doğru yoldur. – Əcəba, biz qadınlara yaşamaq imkanı vermirikmi? – Xeyr, vermirsiniz! Sizin fikriniz şəxsi bir fikir deyil, böyük təşkilatın fikri olsa da yanlışdır. Mənçə qadının tam bir hüquqa və kişilərlə bərabərliyə malik olması nə onun sevib-sevilmək imkanına sahib olması, nə kişilərin onlar üçün yaşaması, nə də kişinin onu altunlara tutması, ipəklərə büründürməsi ilə mümkündür. Qadın hüquqsuzluq və bərabərsizliyini doğuran əsas amillərdən biri, qadının iqtisadca kişidən asılı olmasından ibarətdir. Qadının kişilərlə bərabərliyi və iqtisadi asılılığın ağırlığını üzərindən atması üçün onun zəhmətin bütün sahələrində iştirakı lazımdır. Neft çalalarında çimmək, ya başqa-başqa ağır zəhmətlərdə iştirak etmək qadın üçün məcburi deyildir. Hər halda qadın bir maşını bir kişi qədər idarə edə bilər. Hərgah sevib-sevilmək bir hüquq sayılsaydı, onda bütün hüququn qadın düşkünlərinə verilməsi lazım gələrdi. Çünki bir çox düşkün kişilər bu barədə qadınlardan daha irəli getmişlər. Onlar gündə birisini sevir, gündə bir başqasının dalınca düşür. Bəzi qadınlar da bu barədə onlara böyük imkan yaradırlar. Lakin qadınların əksəriyyəti belə deyildir. İvanov sakit oturmuşdu. Raya xanıma cavab vermək üçün təzə sözlər axtarırdı, nəhayət qətiyyən məsələyə dəxli olmayan bir cavab verdi. – Kişilərin gündə bir sevgini əvəz etməsi, qadınların qarşılıqlı sevgi yaratmağa qabil olmadıqlarından doğur. Raya: – Doğrudur,—dedi,—çünki qadınlar qarşılıqlı sevgi yaratmaq üçün cənab İvanovlar kimi qısa yol intixab edə bilməmişlər. Qarşılıqlı sevgiyə gedəcək yol, çox uzundur. Qadınlar bu yolu cənab İvanov kimi bir neçə gündə etməyə tələsmirlər. Qadınlar kişilər kimi hüdud xaricində hərəkət etdikləri vaxt ədəbsizliyin adını sevgi qoymağı da bacara bilməzlər. İvanov bu sözləri eşidərkən əlini Rayanın belindən çəkərək: – Gənc xanım, məni bağışlayın,—dedi və səyahətin axırına qədər danışmadı... Faytonun təkəri çuxurlara düşdükdə, Ester yırğalandı və başı miralay Avetisovun zər pağonlarına toxundu. Ester başını sürətlə qaldıraraq: – Bağışlayın, sizi narahat etdim,—dedi. Avetisov onun əlini sıxdı: – Narahat yox, biləks xoşbəxt etdiniz,—dedi. Ester qara gözlərini onun üzünə dikərək: – Siz bu xoşbəxtliyi haradan qazandınız,—dedikdə, Avetisov ikinci barmağını pağonunun üzərinə qoydu: – Bir çox gözəl qızların nəzərini cəlb edən bu zər pağonlar birinci dəfədir ki, bütün gözəllərə meydan oxuyan Ester kimi gözəl bir qızın üzündən öpməyə nail olur,—dedi. Ester qara gözlərini qıyaraq Avetisovu ayağından başına qədər süzdü və: – Rica edirəm ki, söhbətimizin mövzusunu dəyişəsiniz, faytondan düşmək məcburiyyətində qalacağam,—dedikdə Avetisov heç də özünə aldırmadan cavab verdi: – Bunun mənasını bilmədim. Çünki həyatın bütün mənəvi ləzzətləri, həmin bu mövzunun mündərəcəsi üzərində qurulmuşdur. Gənc qız həyatı sevmirsə, bunu vaxt ikən söyləməli və həyata qarşı bədbinliyinin səbəbini göstərməlidir. Ester: – Mən həyatın nə əsaslar üzərində qurulduğu və mənəvi ləzzətinin nədən ibarət olduğu haqqında mübahisə açmaq istəmirəm,—dedi,—lakin hər bir mövzunu harada və kimin üçün danışmaq lazım olduğu barədə düşünməli idiniz. Miralay Avetisov qızıl qapaqlı papiros qabını çıxarıb papiros yandırdıqdan sonra dedi: – Sizi sevməyə başlayan bir zata qarşı bu qədər şiddətli və mənfi, qəti çıxışlarınıza iki məna verə bilərəm: birinci, siz öz sevgiliniz Hamazasbı səmimiyyətlə sevir, ya da ondan bir canavardan qorxan kimi qorxursunuz, bu son məsələdə mən də sizi haqlı görürəm, çünki o, olduqca vəhşi, olduqca mədəniyyətsiz bir insandır. O, Ester kimi barmaqla nişan veriləcək bir qızın dırnağına belə layiq deyildir; o sizi yuxusunda da görə bilməzdi. Onun hazırkı vəzifəsi də sizin üçün məsud bir istiqbal yarada bilməz. O kimdir? Kiçik bir tabur komandanı deyilmi? Mənim əlim altında çalışan zabitlər içərisində ondan da tənbəl və dəyərsiz bir adam yoxdur. Hərgah onun səsinin ucalığı, o tərəf-bu tərəfə soxulması sayəsində sizin möhtərəm atanız erməni milli soveti üzvlüyünə keçmişsə, onun da bir əhəmiyyəti yoxdur. Siz bilməlisiniz ki, mən istəsəm, sizin atanız, milli sovetin üzvü deyil, sədri mərtəbəsinə belə qalxa bilər. İndi xanım qız, siz özünüz söyləyin, mənim bütün dediklərim doğru deyildirmi? Siz ondan qorxduğunuz üçün mənim sevgi hisslərimi qırırsınız. Siz ondan nə üçün qorxursunuz? Bilməlisiniz ki, bu gün nəzərimi Hamazasbın üstündən götürsəm, o, bir gün də olsa bu qarmaqarışıq və anlaşılmaz vəziyyətə düşən Bakıda baş saxlaya bilməz, çünki o, daşnaq deyildir, daşnaqlar da onu müdafiə etməzlər. Hərgah siz mənə izin versəniz, mən onu Bakı mühitindən yox etdirə bilərəm. Ester, mən anlaya bilmirəm, siz məndən nə üçün qaçırsınız, mən sizin millətinizin, sizin partiyanızın fəxr etdiyi bir zabitəm, əcəba, siz məni Hamazasb kimi xırda şəxsiyyətlərə satmaqmı istəyirsiniz? Ester onu bir daha ayağındakı parlaq uzunboğaz çəkmələrdən başlayaraq, furajkasındakı gümüş kakardına qədər süzdü və sonra əlini onun əlindən ahəstə çəkdi. – Hərgah Hamazasb mənə layiq deyilsə bunun mübahisəyə lüzumu yoxdur,—dedi.—Çünki onu sevmirəm və ona ərə getməyə də hazırlaşmıram. Mən ona ərə getsəm belə, onun və ondan böyüklərinin də vəzifələrindən səadət gözləyəcək deyiləm. İstər o sizin əliniz altında, istərsə əliniz üstündə olsun, yenə də mənə üstün gələ bilməz. Çünki nə onun vəzifəsi, nə onun sevgisi mənə lazımdır. Atamı milli sovet seçdirməsi isə ancaq atam üçün qiymətlidir. Mənim üçün heç bir əhəmiyyəti yoxdur. Hərgah atam Hamazasba mükafat vermək istəyirsə, başqa bir şey tapsın; məni mükafat olaraq bir nəfərə bağışlaya bilməz. O mənim anasızlığımdan istifadə edərək nə sata bilər; nə də istəmədiyim və sevmədiyim bir adamı sevməyə məcbur edə bilər. Sizin atama yüksək bir rütbə qazandırmaq arzunuz da mənim həyatıma təsir edə biləcək bir hadisə deyildir. Siz bununla öz dəvətinizin mənim tərəfimdən qəbul ediləcəyinə inanmayın! Çünki rütbə və mənsəb sevgiyə hakim ola bilməz. Mənim Hamazasbdan qorxmağım boş sözdür. Hərgah bir cani mənə yanaşır və öz sevgisini daşnaqcasına mauzer gücü ilə bir erməni qızına qəbul etdirmək istəyirsə, o vaxt mən də inad göstərər və ölməkdən qorxmayaraq onu rədd edərəm. Sizin dəvətlərinizi rədd etməyim isə, sizinlə Hamazasb arasında ixtilaf çıxarmaq istəmədiyimdəndir, çünki mənim üzərimdə başlanmış şəxsi ixtilaf, ümumi mənafeyin zərərinədir. Siz Bakını müdafiə edən ordunun başındasınız, sizin bir qızdan ötrü çəkişməniz, ordunun müdafiə qüvvəsini zəiflədər. Bu da, sizin üçün eybdir, mənim ətəyimi buraxmalısınız, mən yalnız sizi deyil, Hamazasbı da rədd etmişəm, hərgah o mənim qolumdan tutur və mənim etinasızlığıma soyuqqanlılıqla baxırsa, özünün şərəfsizliyindəndir. Hərgah cənab Avetisov icazə versəydi, mən bir az açıq danışardım. Esterin bu sözünə cavab olaraq Avetisov: – Danış, mələyim Ester, danış,—dedi.—Sənin səsini doyunca eşitmək və sənin sözlərini dinləmək istəyirəm. Ester sözünə davam etdi: – Tənqid edəcəyəm, çünki siz özünüz icazə verdiniz. Siz deyirsiniz ki, «mən sizin millətinizin, sizin partiyanızın fəxr etdiyi bir zabitəm»; bu sözlər eynilə Hamazasbın sözləridir. O da sevgisini bu sözlərlə elan edir. Əvvələn mən daşnaq deyiləm, partiyanın nüfuzu ilə də ucalıb-alçalmağa həvəsim yoxdur. «Millətimizin fəxr etdiyi» sözlərinə gəldikdə, bu sözlər çox köhnəldiyinə görə, mən cənab miralaydan rica edərdim ki, bu sözləri bir daha təkrar etməsinlər. – Nə üçün?—Avetisov yarımaçıqlı bir surətdə sual verdi.—Əcəba, böyük bir partiyanın zabiti olmaq şərəfsizlikmidir? Ester soyuqqanlı bir surətdə: – Çünki siz,—dedi,—sizinlə fəxr edən bədbəxt erməni millətinə ölümdən, fəlakətdən, xarabalıqdan başqa heç bir şey vermədiniz, Ermənistan, erməni xalqının məzarına döndü, buna görə də daşnaq partiyası erməni xalqının nəzərində müflis oldu, daşnaq kəlməsi erməni millətinin fəlakəti deməkdir. Partiyanın silahlı rəhbərləri şəxsi mənfəətpərəstdirlər. Hətta canlı bir insana sahiblənmək yolunda mübarizə aparır, öz sevgilərini silah gücü ilə bir erməni qızına qəbul etdirməyə çalışırlar. Mənçə millət, bu kimi şeylərlə fəxr etməkdən doymuşdur, artıq o, başqa işlərlə fəxr etməyi sevir, o, namuskarlığı, ümumi mənafeyi müdafiə edənləri, ümumi xalqın azadlığı yolunda çalışanları sevir. Hərgah belə bir şəxsiyyətə təsadüf etsəm, mən də təqdir edər və onun varlığı ilə fəxr edə bilərəm. Ester sözünü bitirdi, Avetisov ona ikinci bir sual verdi: – Əcəba, bizim hazırkı vəzifəmiz eyni ilə sizin dediyiniz kimi, ümumi mənafe yolunda işləmək deyildirmi? Ester dedi: – Bu vəzifə axıra qədər düzgün aparılırsa dediyiniz doğrudur, lakin düz aparmırsınız. Cəbhədən çəkilirsiniz, türk-alman ordusu hər gün yeni mövqeləri işğal edir. Erməni taburları isə «paltarımız yoxdur» deyə güllə atmaq istəmir. Onların rəhbərləri isə bir qızın məchul sevgisi üçün pəncə-pəncəyə vurmaqdadırlar. Avetisov: – Hərgah biz qalib çıxa bilsək nə olsun?—dedikdə Ester: – Onda vəzifəni bitirmiş olursunuz,—dedi. – O zaman siz də bizi təqdir edərmisiniz? – Şübhəsiz! – Nə kimi vasitələrlə təqdir edəcəksiniz? – Əlinizdən öpmək və bir Sovet vətəndaşı kimi yaxanıza qızılgül taxmaqla sizi təbrik edəcəyəm. – Mən o zaman sizin əlinizi rica etmək istərdim. – Hərgah əlim başqa bir əldə olmasa, nə maneə vardır? – Siz bu fikirləri başınızdan atınız! Siz istəsəniz, mən həyatı daha gözəl bir şəklə sala bilərdim. – Nə kimi şəklə sala bilərdiniz? – Müharibəni birdəfəlik buraxıb, silahı yerə qoyardım, Rusiya hər kimin olursa-olsun, nəzərə almazdım, sizi də götürüb bu gilü-gal dünyasından kənara çəkilərdim. – Hara? – Fransaya, Parisin apartmanlarına, insancasına yaşamaq üçün, sevgilər içində həyat keçirmək üçün! – Tənbəllik üçün, səfil həyat keçirmək üçün, sizi böyüdən ölkəni düşmən qarşısında qoyub qaçmaq üçün, xalqın dərdini bölüşməmək üçün, eləmi? Belə bir zamanda cəbhəni tərk etmək, silahı yerə qoymaq, qorxaqlıq deyilmi? Mən bu cür adamları sevmirəm, başqa qızlar da sevməz. Çünki qız qəlbi, qəhrəmanları daha tez sevər. – Hər nə olursa-olsun, mən sizin məhəbbətinizi qazanmağa çalışacağam. – O yol doğru yoldur, məhəbbəti qazanmaq lazımdır, bir sevgini digər bir sevgi ilə əlaqələndirmək üçün. Qəlbə yol tapmaq birinci yoldur. Qısaca söyləyirəm, o yolu nə silah, nə altun, nə pağon, nə gözəllik, nə də sərvətlə açmaq mümkündür. Avetisov qollarını onun boynuna salıb öpmək istərkən faytonçu onlara müraciətlə: – Ağa, burada saxlayımmı?—deyə Esterin vəhşi qollar arasından qurtulmasına səbəb oldu. Bu gün—menşeviklərin heç gözləmədiyi bir zamanda bolşevik natiqlərinin çıxışı olacaqdı. Menşevik, eser və daşnaq rəhbərləri miting olacaq yerdən uzaqlaşmaq istəsə belə mümkün olmadı, çünki Leyla və Raya xanımlar bolşevik natiqlərinin çıxışları ilə maraqlanırdılar. Onlar məcburi surətdə faytonlardan düşüb miting dairəsinə yaxınlaşdılar. Leyla və Raya səbirsiz bir surətdə mitingin açılmasını gözləyirdi, onlar menşevik və eserlərin sözündən «tanıdıqları» bolşevikləri hazırda xitabət kürsüsündə görəcək idilər. Çox intizardan sonra Raya və Leylanın indiyə qədər eşitmədiyi bir səs: – Yoldaşlar!—dedi. Bu səs, qara bığlı, qara və yumru gözlü, yaxası açıq bir bolşevikin səsi idi, o sözünü Nobel müəssisələri işçilərinə deyirdi: – Nobel işçiləri! Aprel ayının birində və üçündə baş verən hadisədən əvvəl Bakıda Sovet hakimiyyətinin ancaq adı var idi. Bu günlərə qədər, Bakıda hökumət sürən ancaq burjuaziya idi. Lakin bizimlə başladığı açıq müharibədə düşmən tamamilə əzildi, bolşeviklər qalib çıxdılar. Burjuaziya lakeyləri bir neçə gündən sonra bu müharibəni burjuaziyaya qarşı müharibə deyil, erməni-müsəlman qırğını deyə qələmə verməyə çalışdılar. Onlar Sovet hökumətinin ermənilər tərəfində durduğu və erməni burjuaziyasına qalibiyyət qazandırmaq istədiyi haqqında iftiralar yaymağa çalışırdılar. Lakin heç bir idraklı işçi bu iftiraya inanmadı! Siz baxın, görün, aprel hadisələri nə kimi bir nəticə verdi?! Hər şeydən əvvəl erməni burjuaziyasının orqanı olan «Bakı» qəzeti qapanıb, onun mətbəəsi əlindən alınmadımı? Məğlub olmuş burjuaziya üzərinə təzminat qoyulmadımı? Məşhur erməni burjuyları, həbsxanada yatmırmı? Bir hökumət təşkilatı olan erməni milli soveti qapanmadımı? Biz erməni milli alayını buraxıb onları bolşeviklərə tabe etmədikmi? Bu tədbirlər görüldükdən sonra işin həqiqəti haqqında heç bir kəs şübhə edə bilməz. Ancaq burjuaziya məğlub edildikdən sonra Bakıda Sovet hökuməti özünün möhkəmləndiyini hiss etdi. Hər kəsdə bir balaca əqil və vicdan varsa, o indi deməlidir ki, aprelin üçündəki hadisə milli müharibə deyil, doğrudan da burjuaziyaya, kapitalistlərə qarşı müharibə idi. Lakin menşeviklərdə darı boyda olsa da vicdan tapılmadı, onlar biz ehtimal etdiyimizdən də alçaq imişlər. Onların mənəvi süqutu bir daha məlum oldu. Siz, Nobel işçiləri isə hökuməti belə adamlara tapşırmaq istəyirsiniz. Siz yenə də menşevik partiyasını bir sosialist partiyası kimi tanımağda davam edirsiniz. Siz istəyirsiniz ki, biz bolşeviklər, cənab Sadovski və Ayollonu öz yoldaşlarımız kimi tanıyaq, halbuki biz onları çoxdan bəri provokator, fitnəkar elan etmişik. Bu sözlə Ayollo cavab verməyə qalxdı isə də Sadovski ətəyindən dartıb sakit elədi. Leyla və Raya xanım isə onların üzünə baxmırdılar. Çünki onların ifşa edildiklərini, çıxılmaz bir vəziyyətdə qaldıqlarını və bu səfərdən peşiman olduqlarını görüb anlayırdılar. Natiq yenə sözünə davam etdi: – Nobel işçiləri! Sizə hələ indiyə qədər mühüm bir məsələ məlum deyildir: yolların bağlanmasının, Bakıda aclıq və qəhətlik baş verməsinin müqəssiri də Zaqafqaziya menşevikləridir! Güman ola bilər ki, biz bu məsələdə qərəz işlədirik, budur, inandığınız və qabilliyyətli saydığınız sağ eser və daşnaqlar sizin qarşınızda durmuşlar, sizin gözünüzün qarşısında duran sağ eserlər deyir ki, Zaqafqaziya Komissariatı «müsavat» burjuaziyasının ordusunu tüfəng, top və pulemyotla təchiz edib Bakı üzərinə göndərdi və Batumi şəhərini iki yüz nəfərdən ibarət olan türk ordusuna təslim etdi. Bütün partiyaların təsdiq etdiyinə görə, Zaqafqaziyanın düşdüyü hazırkı fəlakət, menşeviklərin fitnəsi nəticəsidir. Menşeviklər «müsavat» ordusunu silahlandırıb bizim taxıl yollarımızın kəsilməsinə səbəb oldular. Bunların hamısı ilə bərabər menşeviklər yenə də bizi ərzaq çətinliyi işində təqsirləndirərək, siz işçiləri yanlış və zərərli yollara çəkirlər. Lakin yenə də siz Nobel işçilərinə müraciətlə deyirik: Yoldaşlar! Fitnəkarlara uymayın, siz burjuaziyaya satılanların sözlərinə inanıb, öz hökumətinizin yıxılmasına kömək etməyin! Onlar sizin hökumətinizi, sizin öz əlinizlə yıxmağa çalışırlar. Onlar Zaqafqaziyada qazandığımız nailiyyəti sizin qanınız içində qərq edib boğmağa çalışırlar. Yoldaşlar! Kiyevdə və bütün Ukraynada baş vermiş xəyanətlər, sizə ibrət dərsi verməlidir! Siz bilirsiniz ki, bizim azadlığımız yolunda çalışan yoldaşlar, bir gün deyil, aylar və illərlə həbsxanalarda ac qalırlar. Yoldaşlar! Siz bilirsiniz ki, Qızıl Ordu Bakıya yol açmaq üçün böyük qurbanlar verməkdədir. Və yenə siz bilirsiniz ki, yolun mühüm hissəsi açılmışdır. Yoldaşlar! Öz mövqeyinizdə möhkəm durun. Hərbi vəzifə daşıyan bir gözətçi kimi durun! Siz bilin ki, aciz müsavatçılardan və Türkiyə bandalarından qorxu yoxdur. Bizim üçün daxili ərzaq qıtlığı da dəhşətli deyildir, lakin işçilərin arasında möhkəm birlik olmaması və onların öz doğma Sovet hökuməti ətrafında möhkəm toplaşmaması bizim işçi hökumətini məhv edə bilər. Sadovski: – Bizə də elə sizin məhv olmanız lazımdır!—dedi. * * * IV. Brilyant sırğalar Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi. Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı. O, mənzilin qapısını daldan qapadı, Esterin cibindən götürdüyü məktubu oxumağa başladı. Leyla bu məktubla tanış olmamışdan qabaq Esterin qəlbində başqa sevginin mövcud olduğundan xəbərdar deyildi. Məktubu yazan Esterin sevgilisi Vahan idi. «Əziz və uşaqlıq yoldaşım Ester! Sən gərək mənə son məktubunu yazmayaydın, o məktubla mənim qəlbimi sındırdın, daha açığı məni təhqir etmiş oldun. Əcəba, sən məni uşaqlıqdan tanımırsanmı? Vahan nə qədər yoxsul işçi olur-olsun, başqasının köməyinə etina etməz. Şübhəsiz ki, sən bunu, məni təhqir etmək üçün yazmırsan, işçilərin ağır vəziyyətini anlayaraq yazırsan, buna görə də mən sənə təşəkkür etməyə bilmərəm. Lakin sən mənim nə qədər qara günlər keçirdiyimi, aclıq və ehtiyaclarla çarpışdığımı, buna baxmayaraq təslim olmadığımı bildiyin halda, mənə pul təklif etməməli idin. Sən bilirsən ki, mən işçiyəm, lakin Nobel işçiləri kimi işçilərdən deyiləm, mən zəhmət və ehtiyac içində bərkimişəm. Mən Bakı işçilərindən ötrü gəlmiş taxılları zorlayıb aparmış olan Nobel işçilərini tənqid etdiyim halda öz qarnımın, öz ehtiyacımın qeydinə qalsam eyib olmazmı? Gözəl Ester, yoldaşlarım necə yaşayırsa, mən də elə yaşamalıyam. Ester, bir də sən özün də atanın əlinə baxırsan, sən özün işləsəydin, uşaqlıqda keçirdiyimiz yoldaşlığın gənclikdə də davam etdirilməsinə icazə versəydin, hərgah sən yüksək sarayları, zər pağonları buraxıb mənim mənsub olduğum əməkçilər içərisinə gəlsəydin, mən sənin zəhmətindən hasil olan qəpiyi milyon sayar və öz zəhmət haqqım kimi sərf edərdim. Lakin indi sən hər nə olursan ol, yenə də daşnaq ailəsinə mənsubsan və mən səndən maddi yardım almağa razı ola bilmərəm. Ester, indiyə qədər sənə yazmağa cür'ət etmədiyim bir məsələ haqqında da yazmaq istəyirəm. Böyük bir arzum var ki, o da səni daşnaq ailəsindən ayırmaq və təmiz vicdanını gələcək ləkələrdən müdafiə etməkdən ibarətdir. Belə olursa mən özümü üzərimə atılan töhmətlərdən qurtara bilərəm, çünki məni daşnaq qızı ilə dost olduğum üçün töhmətləndirirlər. Mən istərdim ki, sən daşnaq olmadığını və əməkçilərin xeyirxahı olduğunu işdə göstərəydin. Bu barədə lazımi qədər düşünməli və məktubun cavabını göndərməlisən. Sənin səmimi yoldaşın, Vahan. 10 iyul, 1918-ci il. Leyla məktubu oxuduqdan sonra öz-özünə: «Yanılmışam,—dedi,—bunu təqib etməlidir, özünü qayət məzlum və sadə göstərən bu qız bolşeviklərlə əlaqədardır; doğrudan da Bakı bolşevik şəhəri imiş». O, məktubu gizlətdikdən sonra yatağına uzanaraq düşündü və özü də hiss etmədən danışmağa başladı. «Raya da, Ester də şübhəlidirlər,—dedi,—Ester bolşeviklər əlindədir. Rayanı isə tuta bilmərəm, çünki bütün yazıları stenoqrafiya cizgilərindən ibarətdir. Bundan da mənim başım çıxmır, bir kəsə də göstərə bilmərəm, çünki Rayanın şübhəli bir qız tanınması mənim özümü də şübhəli bir qız kimi tanıdacaqdır». Leyla yatağında düşündüyü zaman xidmətçi qadın içəri girərək vanna hazır olduğunu söylədi. ...O, vannadan çıxıb tualetini düzəltmiş, gəzmək libasını geymiş və Rayanı təqib üçün «Ərdəhan» hərbi gəmisinə getmək və Rayanın İvanovla olan sıx əlaqəsi haqqında bir şey öyrənməyi qərara almışdı. Qapı vuruldu, Leyla xidmətçi qadını çağıraraq: – Get qapıya, Sadovski cənablarından başqa kim olursa, «xanım xəstədir, heç kəsi qəbul etmir, tanışları qəbul etmək barəsində sabah qapıda elan yapışdırılacaqdır»—deyərsən. Bunsuz da Leyla xanım, qapının vuruluşundan, Sadovskinin gəldiyini hiss etmişdi. Xidmətçi getdikdə Leyla öz-özünə: «Bəli, yenə də çürük sevgi dastanlarını eşitməyə hazırlaşmalıyam»—dedi. Sadovski gül mağazası xidmətçisi çopur Arşak ilə bərabər içəri daxil oldu, eşik otağda, qəzetlərlə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. Sadovski əlini cibinə ataraq on manat pul çıxarıb Arşaka verdikdə o, bir pula, bir də Sadovskiyə baxıb: – A başına dönüm,—dedi,—indi bu pula nə verirlər? Bir girvənkə fındıq da verməzlər. Sadovski məsələni Leyla xanımın yanında dərinləşdirmək istəmədiyindən bir onluq da əlavə etdi. Çopur Arşak isə Sadovskini lazımi yerində yaxaladığından: – Bircə onluq da xanımın xatirinə ver,—dedikdə Sadovski ilan kimi qıvrılaraq heç bir söz demədən on manat da verdi. Sadovski hələ eşik otağda durmuşdu, çünki Leyla xanım, öz ziyarətinə gələnləri bir necə dəqiqə eşik otağda gözlətmədən və sustaltmadan qəbul etməzdi. Xidmətçi qadın Sadovskiyə yanaşaraq: – Xanım içəri otağa təşrif gətirmənizi rica edir,—dedikdə, Sadovski gül dəstələrini götürüb içəri otağa daxil oldu və onları Leyla xanımın ağ ipəklərdə titrəşən döşlərinə tərəf uzatdı. Leyla xanım gül dəstələrini qoxulayıb stolun üzərinə qoydu: – Mənə qarşı səmimiyyətiniz artıq bir fədakarlıq şəklini almışdır,—dedi,—zənnimcə ifrat dərəcəyə varan bu səmimiyyət başqalarında şübhə oyanmasına səbəb ola bilər. Sadovski heç utanmadan soruşdu: – Əcəba, başqaları bu şübhədə haqlımıdır? Leyla cavab verdi: – Əlbəttə haqlıdırlar, çünki sizin bu əlaqəniz, dostluqdan artıq, sevgi əlaqəsinə daha yaxındır. Siz bilməlisiniz ki, mən öz haqqımda, başqasının şübhəsini oyadan hərəkətlər etməmişəm, çünki mən Dehli şahzadəsi və İngiltərə kralının fəxri yaveri olan Bahadır xanın familiyasını daşımağa hazırlaşıram. Buna görə də mən və elə də siz, öz dostluğumuzu davam etdirərkən, çalışmalıyıq ki, beynəddüvəl bir ixtilaf çıxmasın. Sadovski özünü itirmədən Leyla xanıma bir sual verdi: – Əcəba, siz cənab Bahadır xanla ailə düzəltməyə söz verirkən, qəlbinizidəmi ona vermisiniz? – Qəlb veriləsi şey deyildir, səmimi bir söz kifayətdir. Zatən səmimi sözün özü də sevgi hisslərini bəsləyən bir qəlbin məhsuludur. Sadovski gül dəstələrindən başqa kiçik bir bağlama da gətirmişdi. O, bağlamanı açdıqda Leyla xanım gözünün ucu ilə ona baxır və əllərinin titrəməsinə qəlbən gülürdü. Nəhayət uzun həyəcan keçirdikdən sonra Sadovski bağlamanı açdı və onu Leyla xanıma göstərərək: – Əcəba, Leyla xanım mənim bu kiçik hədiyyəmi qəbul edəcəkdirmi?—dedi.—Bu hədiyyəm Leyla xanım üçün layiqsiz bir hədiyyə olsa da, onu təqdim edən zatın xanıma qarşı bəslədiyi hörmət olduqca böyükdür. Sadovski bu sözdən sonra yaşıl məxmər üzlü balaca qutunu açaraq 20 karatlıq brilyantlardan düzəldilmiş bir cüt sırğanı göstərib sözünə davam etdi: – Siz olduqca mədəni bir xanımsınız, zənnimcə böyük yalvarışlarla təqdim edilən kiçik arzuları rədd etməzsiniz. Leyla cavab verdi: – Buyurun, cənab Sadovski bununla nə demək istəyir? Sadovski: – Bu sırğaları, öz əlimlə gül yarpağından incə olan qulaqlarınıza asmaq arzusundayam,—dedikdə, Leyla xanım qəhqəhə ilə güldü: – Hərgah cənab Sadovski bununla maraqlanırsa, heç də mane deyiləm,—dedi. Sadovskinin bütün vücudu titrədi, nə edəcəyini bilmədi və Leyla xanımın qulaqlarındakı qiymətli zümrüd sırğaları çıxarıb brilyant sırğaları onun yerinə taxdı. Sadovski sırğaları Leyla xanımın qulaqlarına taxdıqdan sonra onun saçlarını kənar edərək üzündən öpmək istədikdə, dodaqları Leyla xanımın əlinin dalısına dəydi və belə bir səs eşitdi: – Siz hələ bu səlahiyyəti qazanmamışsınız. Bu səs Sadovskini sarsıtdı, o zərif sillə, menşevik rəhbərinin özünə məxsus şərəfsizliyini bir daha meydana çıxarmış oldu, o ağ dəsmal ilə üzünü silərkən, öz-özünə Leyla xanımın dediklərini təkrar elədi: «Siz hələ bu səlahiyyəti qazanmamışsınız». O, nə qədər özünü itirsə də, yenə onda gələcək üçün bir ümid oyanır və «səlahiyyət» qazanacağına əmin olurdu. O, yerində donmuşdu, nə kirpik çalır, nə də hərəkət etməyi bacarırdı. Leyla xanım isə qara gözlərinin ucu ilə baxaraq, onun çaşdığını, heç nə etmək və demək bacarmadığını, çıxılmaz bir vəziyyətdə qaldığını gördükdən sonra gülərək dedi: – Əcəba, siz mənim üçün sırğadan başqa bir hədiyyə düşünə bilməzdinizmi? Siz bu sırğaları, öz məğlub olmuş məqsədinizi həyata keçirmək üçünmü intixab etdiniz?! Sadovski, ancaq bu sözlərdən sonra göz qapaqlarını qaldırıb Leyla xanımın üzünə baxdı və onda bir təbəssüm əlaməti göründüyündən vəziyyətini dəyişdi. Onun qəlbi ani qorxu hasarlarını yıxaraq, əski əməllərin üzərinə qayıtdı, o öz üzünə dəyən sillənin hərarətini də menşeviklərə məxsus bir şərəfsizliklə unutmuş oldu. Sadovski öz-özünə: «Əcəba, onun nazik barmaqlarından aldığım zərbə mənim üçün bir səadət deyilmi,—dedi.—Əcəba, bu sillə sevimli bir qızın incə şıltağı deyilmi? Sevgi qarşısında duran hər bir kəs izzəti-nəfs və şərəf məsələsini əsas tuta bilərmi? Əlbəttə yox, əlbəttə yox!» Sadovski bu düşüncələrlə də Leyla xanıma yanaşmaq istəyirdi ki, nəhayət Leyla: – Siz mənə acıqlandınızmı? Doğrusunu buyurun, acıqlandınızmı?—deyərək əlini onun çiyninə qoydu. Sadovski xoş xəbər almış bir adam kimi: – Heç ola bilərmi ki,—dedi,—mən sizə acıqlanım? Haşa! Leyla xanım onun qoluna girərək qoltuqlu bir kürsüdə əyləşdirdi və əlləri ilə onun başını sığallayaraq soruşdu: – Mən sizə sual verdim ki: əcəba, siz nə məqsədlə sırğa hədiyyə gətirdiniz, başqa bir şey tapa bilmədinizmi. Leyla xanım bu sözü deyərək Sadovskinin qarşısında oturdu, Sadovski rahat bir nəfəs alaraq sözünə başladı: – Sizə başqa hədiyyələr də almaq mümkün idi, lakin mənim bütün arzularım həmin bu sırğalarda mərkəzləşmişdir, bu xoşbəxt sırğalar, məndən də əvvəl öz məqsədinə nail oldu. Bu sırğalar, sizin gül yarpağından daha zərif olan qulaqlarınızda oynadıqca mənim yalvarışlarım da sizin qulağınızda səslənəcəkdir. Leyla xanım Sadovskinin sözünü kəsərək: – Sizi anlayıram,—dedi,—lakin siz məni dinləyin, çünki kişilərin sevgi xüsusiyyətlərini qadın sevgisi ilə müqayisə etmək doğru deyil. Kişilər yalnız gözəl qadını sevir, onun zahiri görünüşünü bəyənir, onun başqa xüsusiyyətlərini öyrənməyə heç də əhəmiyyət vermirlər. Qadın belə deyildir, qadının xüsusiyyətləri onun libas modası kimi müxtəlifdir. Qadın gözəl və zəngin olmayan bir kişini də sevər, məsələn mənim özüm gənc olmayan, zəngin və gözəl də olmayan, ancaq iş adamı, bacarıqlı olan bir kişini sevə bilərəm. Sadovski bu sözlərdə özünü düzəldərək çox böyük bir iftixarla: – Əcəba, mən iş bacaran adam deyiləmmi?—dedi.—Siz mənim bolşeviklərlə apardığım mübarizəyə qiymət qoymursunuzmu? Siz əmin olun ki, sizi sevən Sadovski yaxında böyük bir hökumətin başında dura biləcəkdir. Leyla bu sözlərdən sonra: – Mən indi sizin iş adamı olduğunuzu təcrübədən keçirəcəyəm,—deyə Sadovskinin qabağına bir parça kağız və mürəkkəbqabı qoyub sözünə davam etdi: – Dediyimi yazınız! Sadovski: – Hazıram, buyurun!—dedikdə Leyla aşağıdakı məktubu diktə etməyə başladı: «Ənzəlidə Biçeraxov ərkani-hərb miralayı Nurəddin Savlayev cənablarına! Leyla xanım sizi, lazımınca tərif etməklə, mənim sizə qarşı olan səmimi hörmətimin bir daha yüksəlməsinə səbəb oldu. Sizin və bizim düşmənimiz birdir, buna görə də ümumi məsələlərdə sizinlə əlaqə saxlamağı lazım bildim. Bakını müdafiə işində iştirak etməyi qərara aldığınızı və bu barədə danışıq apardığınızı təbrik edirəm. Bu barədə menşevik, sağ eser və sağ daşnaqlar tərəfindən də sizi əmin edərək deyə bilərəm ki, sizin müvəffəq olmanız üçün qüvvəmizi əsirgəməyəcəyik. İkincisi də biz, sizin bolşeviklərə inanmadığımızı bilsək də, bir neçə söz əlavə etmək istərdik. Bolşeviklərə inanmayın, onlar sizdən müvəqqəti istifadə etmək istəyirlər. Buna görə sizə məsləhət görürük ki, siz, əlinizdə olan hərbi ləvazimatı Bakıya gətirməyəsiniz, çünki bolşeviklər haman şeyləri öz əllərinə aldıqdan sonra sizi istədikləri zaman tərk-silah etdirə biləcəklər. Onlar sizin ingilislərlə əlaqədə olduğunuzu gözəlcəsinə bilir, buna görə də sizdən ancaq müvəqqəti istifadə etmək istəyirlər. Türklərlə mübarizə fikrində olsanız, İrandan düz-doğru gəmilərə oturub Bakının əlli milliyində olan Alyat stansiyasına çıxmalısınız. Orada kiçik bir liman vardır ki, buradan siz hərb xəttinə də yaxın olacaq və eyni zamanda bir müvəffəqiyyətsizlik üz verirsə, Bakıya girmədən Şimali Qafqaza çəkilə biləcəksiniz. Hər halda bəzi ehtimallara qarşı ehtiyatkar olmaq lazımdır, çünki bolşevik cəbhəsindən qələbə gözləmək mümkün deyildir. Erməni qoşunları arasında olan ixtilafın özü də qələbə ümidlərini azaldır. Məndən və Leyla xanımdan cənab Biçeraxova salam yetirin. 10 iyun, 1918-ci il» Sadovski Sadovski məktubu bitirdikdən sonra soruşdu: – Məktubu mən özümmü göndərəcəyəm? Leyla cavab verdi: – Xeyr, sizin zəhmətinizə razı deyiləm. Sadovski yenicə getmişdi. Leyla soyunub yatmaq istərkən, onun xüsusi təbibi Yusifidis icazə istəyərək içəri girdi. O, bir neçə dəqiqə heç bir söz danışmadan oturub düşündü. Sonradan Leylaya sual verdi: – Xanım qız, yenə də xəstəmisiniz?—dedi.—Çünki axşamdan bəri neçə dəfə gəlib soruşdum, hamısında xidmətçi qadından «xanım xəstədir, heç kəsi qəbul etmir» cavabını aldım. Əcəba, bu xəstəlik sizdə çoxmu davam edəcəkdir? Leyla onun gözlərindəki şübhə əlamətini sezdikdən sonra: – Xəstə idim,—dedi,—özümü rahatsız hiss edirdim, şükür olsun ki, indi özümü bir az yüngül hiss edirəm. Bu sözlərdən sonra təbib onun müqabilində oturaraq nəbzini əlinə aldı və bir neçə an düşünməklə qaşqabağını turşutdu, saata baxdı və dedi: – Xəstəliyiniz sevgi xəstəliyidir. Qəlbiniz qeyri-adi çırpınır, barmaqlarımla nəbzinizin vuruşlarında da gizli bir sevginin səsini duyuram. Leyla xanım bu sözlərdən heç də halını pozmadı: – Lazımi qədər düşününüz. Bəlkə də o çırpıntılar sevgi deyil, qısqanclıq döyüntüləridir. Qısqanclıq döyüntüləri isə mənim qəlbimin deyil, sizin şübhəli qəlbinizin döyüntüləridir ki, qulaqlarınızda səslənməyə başlamışdır. Siz onu da bilməlisiniz ki, mən hələlik heç bir kəsi sevməmişəm, bunu sizə bir də təkrar etməyəcəyəm. Təbib Yusifidis acıqlandı, onun nəbzini buraxaraq: – Orqanizmdə müvazinət pozulduğu zaman insana xəstə deyilir. Sizdə də bu müvazinəti görə bilmirəm. Diliniz bir şey danışdığı halda qəlbiniz tamamilə başqa sahələrdə çırpınır. Sizdəki bu qeyri-adilik Sadovskiləri gördükdə daha da bariz bir şəkil alır. Zənnimcə bunun özü də bir cür xəstəlikdir ki, tibb dilində buna əxlaqi xəstəlik deyilir, bu xəstəlik xəstəliklərin ən dəhşətlisidir. Leyla xanımın tükləri biz-biz oldu, onun gözünün birisi xırdalandı və acıqlı halda dedi: – Mən, sevib-sevmədiyim haqqında heç bir kəsə hesabat verməyə hazırlaşmıram. Hesabat istəmək səlahiyyətini də kimsəyə verməmişəm. Sizin tibbi fəlsəfəniz isə qısqanclığı pərdələmək üçün bir başlanğıcdır. Leyla xanımın bu sözündən sonra Yusifidis özünü tikan üstündə oturmuş kimi hiss etdi. O, birdən-birə diksinərək ayağa qalxdı və soruşdu: – Bu nə deməkdir? Leyla: – Mən sizə məsləhət görürəm ki, yalnız öz vəzifəniz barəsində danışasınız, başqa məsələləri danışmaq üçün heç kəsə icazə vermirəm. Yusifidis: – Bu ixtiyar nə zamandan bəri məndən alınmışdır? Sadovskinin zəngin vədlərindən sonramı? Leyla yenə öz vüqarını pozmadı: – Mən bu icazəni sizə verməmişdim, geri almağıma da lüzum yoxdur. Sizin bəzi nəzakətdən xaric fəlsəfələrinizə etiraz etməyimə gəldikdə, o da mənim ədəb dairəsindən çıxmaq istəmədiyim və dostluq əlaqəsini saxlamaq arzumdan irəli gəlmişdir. Lakin bugünkü ifratınıza qarşı sükut etməyərək deməliyəm ki: mən Bakıya iş üçün gəlmişəm. Sevgi ilə maraqlanmıram. Mən bu sözləri sizinlə tanış olanda da demişəm. Bu sözlər Yusifidisi qane etmədi. O, cavab verdi: – Hərgah siz vəzifəyə girdiyimiz vaxt məsələni bu şəkildə qoysaydınız, bəlkə də mən nə siz təklif etdiyiniz vəzifəni, nə də sizin sevginizi qəbul edərdim. Lakin iş işdən keçmişdir. Hazırda mən, nəinki ingilislərə, hətta bolşeviklərə qarşı da xain çıxmışam, mənim gedəcək bir yerim də yoxdur. Buna görə də mən, sizin Sadovski ilə olan şübhəli əlaqənizə soyuqqanlılıqla baxa bilməyəcəyəm, çünki burada yalnız mənim sevgi məsələm deyil, şəxsi həyatımın təhlükə qarşısında qaldığı məsələsi də durur. Əzizim! Sevgi hər şeyə hakimdir. Mən sizi sevərək təklifinizi qəbul etdiyim kimi, siz də Sadovskini sevərək təklifini qəbul edər və bütün əsrarı ona aça bilərsiniz. O vaxt hər ikimizin vəziyyəti nə olar? Bizim varlığımız təhlükə altında qalmazmı? Sən özün bir düşün! Leyla qaşqabağını tökərək: – Siz məni lazımi qədər öyrənməlisiniz,—dedi,—bəlkə də öyrənmisiniz. Buna görə də sizə, özünüzü bir qədər ələ almanızı təvsiyə edirəm. Hər şey gələcəkdən asılıdır. Gələcəyi söyləmək doğru deyilsə də, mən sizə qələbə ümidlərini verirəm. Hər halda qısqançlıq böyük bir ixtilafın zəminəsidir. Siz iş və vəzifə naminə buna yol verməməlisiniz, ikimiz də gələcəyin qələbəsini təmin üçün çalışmalıyıq, sevgi hər şeydən sonradır. Cənab doktor, məni dinləyin. Qətiyyətli bir adam olmaq istəyənlər, hər sözünü qanun olaraq ağzından çıxaranlar, hətta öz dediklərinə inananlar, fəlsəfəçilikdən uzaqdırlar. Sevgi hissi din və məcburiyyətlə hesablaşan bir hiss deyildir. Siz nə dində olursunuz olun, mən yenə də sizi sevə bilərəm. Çünki sevgi din, məzhəb tanımır. Dinin və məzhəbin əsası çürükdür. Buna görə də sevgi onu asanlıqla yıxa bilər. Lakin sevgi məsləkin, vəzifənin qarşısında diz çökə bilər, çünki vəzifə qüdsiyyəti heç bir şeyə təslim olmaz. Mən də müqəddəs bir vəzifə daşıyıram, onu nə sənin, nə Sadovskinin, nə də başqalarının sevgisi yıxa bilər. Mən sizə gələcək vədini verməklə bərabər, bir daha qeyd etməliyəm ki, nə sizi, nə də başqasını öz üzərimdə hakim kimi tanımaq istəmirəm. Hərgah şəxsən siz hakim olmaq istəyirsinizsə, eyb etməz, öz taleyinizi imtahan edin! Baxaq kim kimi məhv edə bilər? Lakin mən sizə qarşı düşmən əlaqədə bulunmağı heç vaxt arzulamazdım. Leyla xanımın bu sözlərindən sonra təbib Yusifidis yenə də stulun üstündə oturdu və Leyla xanımın nəbzini tutaraq: – Əsəbiləşməyin,—dedi,—mən hər nə danışıramsa işimizin xatirəsi üçün danışıram, eyni zamanda sizin əqilli, iradəli, sağlam düşüncəli bir qız olduğunuzu da bilirəm. Lakin bunlar hamısı mənə Sadovski ilə olan əlaqənizə soyuqqanlılıqla baxmaq icazəsini vermir. Qısqanmaq xüsusiyyətinə malik olmayanlar, namus və qeyrət daşımaq qabiliyyətinə də malik ola bilməz. Mən bir yunanıstanlı olsam da, türk qızının əcnəbilərlə olan şübhəli əlaqəsinə soyuqqanlı baxa bilmərəm. Hər halda mənim varlığımda qısqançlığmı, namusmu, hər nə olursa-olsun özümdə təyin edə bilmədiyim bir qüvvə hökm sürməkdədir. Siz isə mənim əcnəbi olduğumu nəzərə alaraq sözlərimə əhəmiyyət vermək istəmirsiniz. Mənim sizə qarşı sıxı əlaqəm, özümə olan hörmət və əhəmiyyətin azalmasına səbəb olur. Hərgah mən, bir türk olsaydım, sizin yanınızda Sadovskilərdən alçaq mövqe tutmazdım. Yusifidis bu sözlərini dedikdən sonra bir neçə saniyə düşündü və yenə də öz-özünə: – Bilmirəm, bəlkə də nüfuzlu olmaq üçün ədəbsizlik, zənginlik və dini dəyişmək çox rol oynayırdı,—dedi. Leyla xanım yenə də sakit və soyuqqanlılıqla gülümsədi. – Əziz məsləkdaşım!—dedi.—Bunların heç birisi lazım deyildir. Sizdən nə zənginlik, nə də tərbiyəniz xilafına olan ədəbsizlik tələb olunur. Gəliniz biz ikimiz də, məsələnin həllini istiqbala tapşıraq, məsələ sevgi barəsindədirsə, mən sizi bir yunanıstanlı olduğunuz halda da sevə bilərəm. Bunların hamısı düzələsi işlərdir, indi siz stol başına çəkilərək dediklərimi Türkiyə ordusu komandanlığına yazınız. Təbib bu sözdə Leyla xanımın nəbzini buraxdı, lakin onun barmaqlarının yeri, Leyla xanımın incə biləklərində bir fındıq yeri qədər ləkə yaratmışdı. Yusifidis stol başına keçərək, Leyla xanımın dediklərini yazmağa başladı. «Möhtərəm əfəndim! Bolşeviklər süqut etmək üzrədir. Onlar nə qədər çalışqan, nə qədər çətinliklərə dözən, hətta aclığı nəzərə almayaraq mübarizə aparan bir qüvvə olsalar da, onlara qarşı qoyulan menşevik təbliğatı qalib gəlmək üzrədir. Menşeviklər Bakıda baş vermiş mart hadisəsinə tamamilə başqa rəng verməklə ona erməni-müsəlman qırğını və milli müharibə adı qoymağa müvəffəq olurlar. Bu təbliğat haman hadisənin Bakı burjuaziyası və Bakı proletariatı arasında gedən hökmranlıq mübarizəsi faktını pərdələməyə və Bakı xalqının gözündən əski asmağa çox kömək edir. Eser, menşevik, daşnaq rəhbərləri, xüsusən Rozenblyum, Nəccarov, İvanov, Kriçenko və sairlərinin təlaşı ilə hərbi donanmada da bolşeviklərə qarşı bir sui-qəsd hazırlanmaqdadır. Yerli xalqın bolşeviklərə qarşı qalxması işində əsir türk zabitlərinin də böyük xidməti vardır. Onların Şah məscidində azan dediyini və Quranı əllərində tutaraq: «Budur bizim programımız» söylədiyini görüncə, qara camaatın Türkiyə tərəfdarı olduğunu təyin etdim. Hazırkı Bakı, müxtəlif əqidələr meydanıdır. İttihadi-islam, türk ədəmi-mərkəziyyət, əhrar, müsavat və sair partiyaların təbliğatı qara camaatın fikrini qarışdırmışdır. Bolşeviklərin bu qədər qarma-qarışıq vəziyyəti düzəldəcəyinə ümid çox azdır. Çünki onlar, öz hökumətlərini bu qədər cərəyanlardan müdafiə edə bilməyəcəklər. Bolşeviklərlə olan razılaşma baş tutmadığından Biçeraxovun İranda olan dəstəsi, bu günlərdə doğrudan-doğruya cəbhəyə gələcəkdir. Biçeraxov Bakını türklərə qarşı, ingilislər üçün müdafiə etsə də, davamlı bir qüvvə deyildir. O, lazımi vaxtında cəbhəni başlı-başına buraxa bilər. Bu gün mən, Bakıda hökumət başında durmağa hazırlaşan rəhbərlərdən Sadovskinin Biçeraxova göndərmək üçün hazırladığı bir məktubu əldə etdim. Sadovski, Biçeraxovun Bakıya deyil, düz-doğru Alyat stansiyasına çıxaraq cəbhəyə girməsini məsləhət görmüşdür, çünki bolşeviklər Biçeraxovu Bakıya gətirmək və lazımi vaxtında tərk-silah etdirib buraxmaq fikrindədirlər. Biçeraxovla bərabər cəbhəyə ingilis zabitləri və ingilis zirehliləri də gətiriləcəkdir. Hələlik ingilislərin Biçeraxova verdiyi hərbi plan türk ordusunu Kür çayının körpüsündən bu tərəfə buraxmayaraq müdafiə halında durmaqdan ibarətdir. Çünki türklərin Bakıya hücumu dayandırıldıqda ingilislər də Bağdaddan yeni qüvvələr gətirə biləcəklər. Digər mühüm bir məsələ də Kiçikxan məsələsidir. Hələlik ingilislər onunla sülh edə bilməmişlər, onlar Qəzvin-Məncil, Məncil-Ənzəli arasındakı yolları təmizləmişsə də, Kiçikxanın Kəsmədakı baş qüvvələrinə zərbə vura bilməmişlər. Biçeraxov dəstəsinin Ənzəliyə gəlməsi də, Kiçikxan qüvvələrinin canlanmasına səbəb olmuşdur. Bu günlərdə ingilislərin «Rudbad» və «Rüstəmabad» tərəflərində yerləşən Kənd alayına hücum edilmiş və alay komandanı kapitan Derford öldürülmüşdür. Buna görə də, ingilislərin Bakıya gəlməsi çox uzun çəkəcəkdir. Bu şüarı erməni burjuaziyası, eləcə də müsəlman burjuaziyası müdafiə edir, çünki bütün əmlakın, xüsusən neft mədənlərinin milliləşdirilməsi məsələsi qalxandan bəri, onsuz da milli məsələyə bir alət kimi baxan burjuaziya, milli fərqi nəzərə almadan burjuaziya birliyi yaratmaq və bununla da bolşeviklərdən qurtarmaq çarəsini düşünməkdədir. Mən iki gün əvvəl hərbi donanmada bolşeviklərə qarşı mübarizə cəbhəsi düzəltməkdə olan İvanovun portfelini yoxladım. Orada bolşeviklərə qarşı mühüm bir sui-qəsd hazırlandığı haqqında sənədlər gördüm. Bu sui-qəsd baş tutarsa, hökumət təbəddulatı şübhəsizdir. 11-ci nömrə». * * * V. «Ərdəhan» gəmisində «Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı. Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi. Axşam qaranlığından istifadə ilə öpüşən dalğalar özünü çox da azad hiss etmirdi; zira onların başı üzərində duran dəniz fanarları gözünü açaraq dalğaların rəqsan qızını güdürdü. Sönmüş ayın saralmış saçaqları dənizə sallanarkən, İvanov da Rayanın əlini tumarlayaraq: – Aya baxınız!—dedi.—O sizə baxır, onun çöhrəsində görünən sarı ləkələr də sizin qıvrım saçlarınızın kölgəsidir, o saçlar yalnız mənim deyil, bütün gecələrə hakim olan ayın da boynuna sarılmışdır. Lakin sizi aya bənzətmək də doğru deyildir, çünki o müvəqqəti, siz isə daimisiniz. Ay günəşdən qaçırkən siz, günəşə meydan oxuyur və üzünüzdən öpmək istəyən şəfəqlərə belə nazlanırsınız. Doğrudan da insan bir sizə, bir də aya baxdıqda şair olmaq istəyir, lakin mən... İvanov burada sözünün gerisini söyləyə bilmədi. Raya isə əlini onun əlinə vuraraq: – Mən sizin,—dedi, şairanə düşüncələrdə çırpınmağınıza icazə vermirəm. Şer incə və fövqəltəbii bir düşüncə olsa da, mən yenə də onda bir xülyapərvərlik rəngi duyuram. Şer, bir fikri bədii şəkildə ifadə etmək üçün nə qədər yararsa, eyni fikri geniş bir şəkildə ifadə etməyə mane olur. Bir də şer həyatı oxumaqdan yorulanlar üçündür. Biz hələ gənçik, həyatı orijinal və real bir şəkildə oxuya bilərik. Mən şəxsən real bir həyatı dekadentizm və rəmz üsullarına tabe etməyin əleyhinəyəm. Şer insanda həqiqətdən artıq şübhələr yarada bilər, çünki şer zatən təşbihatdan, obrazlardan ibarətdir ki, bu da eynilə şübhədir. Şerdə təşbihçilik, gözəli aya, ayı gözələ bənzətmənin özü də, insanın fikrindəki qətiyyətsizlik və bir şeyə qəti ad verə bilməkdə savadsızlıqdan irəli gəlir. Çünki ay, yenə də aydır, gözəl bir qızın üzü də üzdür. Siz şair olmaq istəyirsinizsə, o zaman mənim üzümü hər kəsin tanıdığı aya bənzətməkdənsə, onu daha bədii bir kəlmə ilə ifadə etməlisiniz. İvanov bu sözdən sonra, üzünü Rayanın əllərinə qoyaraq: – Doğrudur!—dedi.—Doğrudur, mənim mələyim, sizi düşünməyim, fikrimdə də sizinlə əylənməyimin nəticəsidir ki, bir şair qədər xülyapərvər olmuşam. Hazırda mən də bəzi şairlər kimi göylərdə, üfüqlərdə, fövqəltəbii əlamətlərdə gəzir, gah da yerlərə düşərək rəhmsiz bir eşqin ayaqları altında əzilir və aciz qarıncalar kimi sürünürəm; lakin sizin kimi nadir bir şəxsiyyətlə oturduğumu xatırladıqca, şair oluram. Bütün Bakının həsrət duyğularını coşduran, quru bir salamla dünyaları minnətdar etməyə qadir olan bir qadın əllərini öpmək səadətinə nail olduqda mən özümü hər kəsdən yüksək, xoşbəxt və müqtədir sanıram. Lakin müəmmalı bir vəziyyət nəticəsində izlərkən, özümdən də aciz, özümdən də talesiz bir insan görə bilmirəm. Raya yenə də bu cümlələrə etiraz edərək: – Bu da şairlik xüsusiyyətidir,—dedi.—Elə şairlər var ki, heç vaxt adi bir həyatı, normal bir vəziyyəti sezməzlər, onlar ya göylərdə uçmalı, yainki yerlərdə sürünməlidirlər. Məncə, bu kimlər nəinki bir şair, hətta adi insanlar cərgəsində deyildir, çünki göydə uçmaq, yerlərdə sürünməkdənsə, kütlələrə qoşularaq ictimai həyatda iştirak etmək daha doğrudur. Çünki ictimai quruluşdan doğan bədii duyğuların hamısı şerdir. Siz də belə olmalısınız, həyatı müəmma şəklində anlayışdan çıxmalısınız. İvanov dedi: – Məni müəmmalara salan sizsiniz. Sizin icazəniz olmadan müəmmalardan qurtula bilməyəcək, qarma-qarışıq fikirlər içərisində çapalayacağam. Raya bu sözdən sonra qəti danışdı. – Mən sizə o icazəni verə bilməyəcəyəm, çünki azad deyiləm, mənim Tiq-Çonsona söz verdiyimi gözəlcəsinə bilirsiniz. Hələlik bizim tanışlığımız bu çərçivədən kənara çıxa bilməyəcəkdir. Hərgah bu sizi qane edirsə, mən mane deyiləm. İvanov: – Mən istiqbala ümid bağlaya bilərəmmi?—deyə soruşdu. Raya buna cavabla: – Heç kəsi istiqbaldan məhrum etmək olmaz. Hər kəsin istiqbalı vardır. Siz öz taleyinizi sınayın, mən buna imkan verirəm,—dedi. Qonaqlar gəlməyə başlamışdı. Sadovski Leyla xanımla, Ester isə Avetisovla gələrək Rayanı orada görürkən Leyla xanım: – Belə də lazımdır!—deyə onun İvanovla olan yaxın əlaqəsinə güldü. Saat on birdə qonaqlar çay stolunun başında toplanarkən, gəmi səyahətə yollandı. Xanımların ağ ipəkdən tikilmiş mantoları topların lülələri üzərinə salınarkən, gəmi də burnunu Nargin adasına doğru çevirib yürüyürdü. Leyla xanım Sadovski ilə bərabər gəminin burnunda durub sevgi söhbətlərini davam etdirərkən, Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. Raya mantosunu götürmək üçün topların kölgəsinə yanaşdı. O, mantosunu geydikdən sonra qayıtmaq istərkən topların maşını üzərinə qoyulan redikulları və portfelləri də nəzərdən keçirtdi. Leyla xanımın redikulu, həmişə olduğu kimi yenə də Rayada şübhə oyatdı. Raya onun redikulundan biri açılmış, ikincisi bağlı olan iki məktub götürdü. O, məktubları gizlətmək üçün yer aradı. Şübhəsiz ki, onları yanında saxlaya bilməyəcəkdi, buna görə də hər nə olursa-olsun, məktubları İvanovun portfelində gizlətdi. Çünki Leyla İvanovdan şübhələnsə belə, onun portfelini axtarmağa cəsarət etməzdi. Raya, Leylanı şübhələndirməmək üçün mantosunu yenə də çıxarıb əvvəlki yerindən asdı, İvanovun yanına qayıtdı. Raya qayıdıb səyahətçilərə qoşulduğu vaxt, hələ Sadovski ilə Leyla xanım gəminin burnunda başladıqları söhbətlərini bitirməmişdilər. Bir azdan sonra hamısı bir yerə toplandı və dəniz səyahətindən alınan nəşələrə dair ümumi və eyni zamanda bədii mübahisələr başladı. Əvvəlcə Ester, Bakı limanını üç tərəfdən qucan işıqları nəzərdən keçirərkən: – Baxınız!—dedi.—Hazırda bizim gəmimiz elektrik lampalarından düzəldilmiş bir at nalının içərisindədir. Leyla xanım stolun başından qalxaraq, limanın ətrafını gözdən keçirməklə: – Yox, Ester!—dedi.—Təşbihinizdə uyğunluq varsa da bədiilik yoxdur, çünki bədii olmayan obraz, obraz deyil təhrifdir. Bakı limanı, ətrafındakı işıqlar, at nalına deyil, hilala bənzəyir ki, biz də onun içərisindəki altı guşəli ulduzlarıq. Leyla bu sözləri deyərkən, Avetisov Esterlə, Leyla Sadovski ilə, Raya isə İvanovla bərabər durmuşdu. Raya gülümsəyərək: – Leyla xanım icazə versən, mən, bu təşbihə də etiraz edərdim,—dedi.—Mən təşbihatçı, hətta bir şair də olmaq istəmirəm. Lakin düşüncəni tam söyləmək və bir mənzərəni təhrifsiz ifadə etmək şairlik yox, həssaslıqdır. Bakı limanı nə ay, nə də at nalıdır. Bakı hazırda bolşevik şəhəridir. Limanın ətrafındakı işıqları isə diqqətlə nəzərdən keçirdikdə görünür ki, o, oraq və çəkic şəklindədir. Leyla: – Hələ tutaq,—dedi,—ətraf oraq şəklindədir. Çəkic buranın harasındadır? – Baxınız, Leyla xanım! Hazırda gəmimiz Nargin adasının yanından keçir, yaxşı baxınız, ada bir çəkic şəklində deyildirmi? Leyla başqa bir söz demək istəmədi, ancaq bir dəfə: – Yalnız Bakı deyil, bütün dünyanı nəzərdən keçirmiş olsaq, görə bilərik ki, hər kəs öz sevdiyi və öz düşündüyünü oxuyur,—dedi. Leylanın bu sözündən sonra İvanov etirazla yox, xatırlatmaq məqsədi ilə Leyla xanıma müraciət etdi: – Bağışlayarsınız, Leyla xanım, məncə Raya xanım nə bolşevikləri sevir, nə də onlara müsbət bir şəxsiyyət kimi baxır. Hərgah Bakı oraq və çəkicə bənzəyirsə, biz də onu hazırkı şəkildən çıxarmağa çalışarıq. Raya, Leylanın sözünə əhəmiyyət verməyə bilməzdi, çünki Leylanın ondan şübhələndiyini bilmişdi. Ona görə də onun bu çıxışına cavab vermək və qəti olaraq onu susdurmağı qərara aldı. – Hərgah mən,—dedi,—öz təşbihimdə Bakını oraq və çəkicə bənzətdimsə, hərgah mən bununla da bir bolşevik qız oldumsa, bəs Leyla xanımların təşbihi nəyi ifadə edir? «Hilal və altı guşəli ulduz, oraq və çəkic!» Bunların hər ikisini yan-yana qoyaraq müqayisə etdikdə, hər bir vicdanlı insan belə qərara gələ bilər: ay və ulduza sitayiş edən Qafqaz müsəlmanlarını müdafiə bəhanəsilə gələn və Bakını Almaniya imperialistlərinin əlinə vermək istəyən sultan ordusu, ay və ulduz nişanlı bayrağın kölgəsində yerimirmi? Leyla xanım öz təşbihində hilal ilə səlibin çarpışdığını, milyonlarca hilal daşıyanların məhv olduğunu xatırlamadımı? Mənə qalırsa nə Leyla hilalpərəstdir, nə də mən oraq və çəkic məftunuyam. Bunun üçün mən, cənab İvanovla olan söhbətimdə, şerdə təşbihat olduğu və təşbihatın da şübhələr, müəmmalar yarada biləcəyini qeyd etmişdim. Raya sözünü bitirdikdə, hamı əl çaldı, İvanov da bu çıxışdan böyük bir iftixara nail olduğunu qonaqlara hiss etdirdi. Leyla xanım da səhv etdiyini və Rayanın hazırcavab bir qız olduğunu yəqin elədi və dedi: – Rayanın dediklərinə şərik oluram, zatən bədii duyğular elə mürəkkəb bir şeydir ki, insan onun təsirində olduğu zaman, bəzən məfkurə və əqidə çərçivəsindən də kənara çıxmış olur. Bu nöqteyi-nəzərlə də mən, yolunu azmış və tənqidlərə məruz qalmış bir çox bədii ədəbiyyat xadimlərini xatırlayır və onların ifrat bədii təsir nəticəsində azdıqlarını anlayıram. Zənnimcə mən də bu təsirlə danışmışam. Raya onun zərbə yediyini görürkən, yenə də onun bədii obrazlara və bədii ədəbiyyat xadimlərinə aid yanlış fəlsəfəsinə soyuqqanlılıqla baxa bilməyərək dedi: – Mən, Leyla xanımın bədiiyyata dair nəzəriyyəsinə etiraz edəcəyəm. O deyir ki, «insan ifrat bədii təsir nəticəsində azıb əqidə və məfkurə çərçivəsindən də kənara çıxmış olur». Bu doğru fikir deyildir, çünki hər şəxsin bədii zövqü onun sinfi duyğusunun məhsuludur, insanın necə ki, bədii, elə də bütün zövqləri, onun sinfi məfkurəsinin inkişafı ilə yanaşı olaraq yüksəlir və genişlənir. Bunun üçün də bir şair və bir yazıçının sinfi şüuru yüksəldikcə, bədii duyğuları, bədii həyəcanları da inkişaf edir. Hərgah birisi bədii duyğuların yüksəlişini ifrat adlandırır və bununla da azğınları haqlı çıxarmaq istəyirsə, biz onun özünə də azğın adı verməliyik. Söhbətlər uzun çəkdi. Ayollo Leyla xanımın tamamilə məğlub olduğunu gördükdən sonra, məsələyə qarışaraq dedi: – Mən xanımların mübahisəli məsələlərini həll etmək istəyirəm. Bakı nə at nalı, nə hilal, nə də oraq-çəkicə bənzəyir. Bənzəyirsə, ancaq menşevik incə sənətinin lirasına bənzəyir. Saat birin yarısı idi, Sadovski «Ərdəhan» gəmisindəkilərə müraciətlə: – Ağalar, xanımlar!—dedi.—Biz, saat birdə cənab Araratyanın təşkil etdiyi ziyafətə getməliyik, zənnimcə səyahəti bitirmək vaxtı yetişmişdir. Gəmi körpüyə yanaşmaq istərkən Leyla xanım hamıdan əvvəl redikulunu götürmək və mantosunu geymək üçün toplara yanaşdı, o əvvəlcə redikulundakı məktubları xatırladı. Məktubları orada görmədi, mantosunun ciblərini aradı, yenə də tapa bilmədi. O, Rayanın redukulunu aradığı zaman Raya ona yanaşdı, Raya Leylaya bir şey hiss etdirməmək üçün dedi: – Zəhmət çəkməyin, Leyla xanım, mən mantomu özüm geyərəm, rica edirəm ki, məni utandırmayasınız. Leyla da özünə aldırmadan: – Yox, Raya, zəhmət deyil,—dedi,—mantonuzu geyiniz, hava sərindir. Siz çox tez soyuqlayırsınız. Raya mantosunu geydi. Sadovski də Leylanın mantosunu tutdu, birlikdə gəmidən çıxaraq, xanımları «Metropol» otelinə yola saldılar, çünki xanımlar ziyafətə getmək üçün libaslarını dəyişməli idilər. Leyla xanım məktublardan ümidini kəsməmişdi, o, faytonda «Metropol»a qayıdarkən öz-özünə deyirdi: «Bəlkə mən unutmuşam, bəlkə də məktubları mənzildə buraxmışam». Lakin bu fikirlər çox ümidsiz bir fikir idi. O, həmin məktubları mənzildə buraxmağa etibar etmədiyindən, özü ilə bərabər götürmüşdü. O, mənzilin qapısını açıb tələsik içəri soxuldu. Sadovski onunla bərabər içəri girmək istərkən Leyla xanım həyəcanlı bir səslə: – Salonda oturub məni gözləyin. Paltarımı dəyişməliyəm,—dedi. Mənzildə axtarmamış yer, aralığa tökməmiş şey buraxmadı. Zəngi çaldı, xidmətçi qadın gəldi. O, Yusifidisi çağırmağı tapşırdı. Bir neçə dəqiqədən sonra təbib Yusifidis içəri girdikdə Leyla xanımı təbii halında görmədi. O, özünü döyür, köynəyini parçalayır, iki əlli başına vurur və saçlarını yolurdu. Yusifidis çaşmış halda soruşdu: – Yahu, nə olubdur? Bu nə deməkdir? – Məhv oluruq. Yol göstər! Çarə düşün! – Söylə baxım!? Nə hadisə üz vermişdir? – Məktubları qeyb etmişəm. – Hansı məktubları? – Birisi Araratyanın qızına onun sevgilisi Vahan tərəfindən yazılmış məktub... – Cəhənnəm olsun! Nə əhəmiyyəti var? İkincisi hansıdır? – Osmanlı ordusunun ərkani-hərbinə göndərmək üçün yazdığımız məktub! Leyla bunları söylərkən, özünü döydüyü vaxt, Yusifidis də qorxulu bir düşüncəyə dalmışdı. O, başını qaldırıb Leyla xanıma daha bir sual verdi. – Əqilsiz, ehtiyatsız qız, indi söylə görüm, məktubları doğrudan da qeyb etdinmi? Leyla tutqun bir səslə dedi: – Daha doğrusu onları götürdülər. – Kim götürə bilər?!. – Orada menşevik, daşnaq, eser rəhbərləri vardı. Qadın, mən idim, Ester, bir də Raya idi. Mən bunların hər ikisindən şübhələnirəm. – Mən isə hər üçünüzdən şübhələnirəm, gərək öz taleyimi sənin taleyinə qoşmayaydım, mən bunu əvvəl də demişdim, lakin sənin möhkəm iradən, bacarığın məni öz düşüncəmə xain çıxardı. Zatən qadınlara siyasi sirlər tapşırmağın özü də əsasından yanlışdır, çünki gözəlliyi və qadınlığı səbəbinə özünü sevdirən və bununla da xalqın ürəyindən sirləri qapan bir qadının özü də bəzi təsadüflərdə sevir və öz qəlbini casuslara vermiş olur. Sən də elə qadınlardansan, sənin Sadovski ilə olan əlaqən, çoxdan bəri belə bir hadisəyə güman doğururdu. İndi isə bircə çarə vardır, o da məktubların kimin tərəfindən götürüldüyünü təyin etməkdən ibarətdir. Bunu təyin edə bilsək, o vaxt çarə düşünə bilərik. Sən bunu bacara bilərsənmi? Leyla çox acıqlandı, onun həyəcanları qəti bir əsəbiliyə çevrildi: – Sən bilirsən ki, mən bacararam,—dedi. – İndi ki, belədir, işə tez başlamalı və bunu tez öyrənməlisən. Hər halda qadınların birisi çalmışsa o məni qorxutmaz. Lakin daşnaqların bu sirləri bilməsi daha qorxuludur. – Mən də onlardan qorxuram. Sadovski məni heç bir zaman satmaz. O məni bir osmanlı casusu bilsə də, qəlbində mənə bəslədiyi sevgi hisslərini boğa bilməz. Yusifidis onun saçlarını sığallayaraq: – Çaşmaq daha çox şübhə oyadır. Ziyafətə getmək fikrin varsa, özünü sahmana sal, adi vəziyyətinə qayıtmağa çalış, baxaq tale nə göstərəcək. Yetər, dur geyin, Rayanı əski sevgi ilə qarşılamalısan. Araratyanın qızına şübhəm azdır. O qızın siyasi düşüncəsi zəifdir. Hazırda o yalnız öz həyatını düşünür. Hamazasb və Avetisovun əlindən xilas olmaq fikri, onu hər şeydən artıq məşğul edir. Leyla xanım libasını dəyişərək ziyafətə birlikdə getmək üçün Rayanın mənzilinə girdi, onu öz yatağında gördü və tələsik soruşdu: – Aman, sənə nə oldu? Xəstələndinmi? – Bəli, Leyla, soyuqlamışam, dəniz səyahətində çox ehtiyatsızlıq göstərdim. – Əcəba, sən cənab Araratyanın ziyafətinə getməyəcəksənmi?! – Bu vəziyyətlə gedə bilərəmmi? Leyla bir söz demədən ona şübhəli nəzərlərlə baxdı, bu ani xəstəliyin yeni bir tədbirə başlanğıc olduğunu hiss etdi. Rayanın məktublar məsələsi ilə əlaqədar olduğunu yəqin elədi. Lakin nə edə bilərdi? O, istər-istəməz Raya ilə vidalaşaraq, getmək istərkən İvanovu Rayadan ayırmağı arzuladı və ona müraciətlə: – Elə isə, cənab İvanov, biz gedək,—dedi.—Raya xanım da bir az rahat olsun. Raya etiraz edərək dedi: – Xeyr! Mən hələ cənab İvanovu buraxmayacağam, o yanımda oturmalıdır. Mən icazə verdiyim zaman gedə bilər. Siz gedin, bunu gözləməyə lüzum yoxdur. Rayanın bu qəti qərarından sonra Leyla acığından dilini dişlədi, çünki o, Rayanın mühüm bir iş başlamaq istədiyini bilməmiş deyildi. O, öz-özünə: – Eyb etməz, səni elə məhv edərəm ki, adın da çəkilməz,—deyərək Rayanı könülsüz öpdü və ayrıldı. İvanov Rayanın incə barmaqlarını öpərək: – Getmirəm, mənim ruhum,—dedi,—siz icazə verməyincə heç bir yerə hərəkət etmərəm, nə üçün gedim? Orada ruhumu oxşayan bir vasitəmi var? Raya onun əlini sıxaraq acıqlı danışdı. – Əcəba, Leyla kimi gözəl bir qız, ruhunuzu oxşaya bilməzmi? Siz bu günkü ziyafətdə gözünüzü onun dodaqlarından götürmək istəmirdiniz. Məni xəstələndirən, əsəbiləşdirən, sizin elə hərəkətləriniz deyilmi? Mən sizi xəbərdar edirəm: bir də Leyla ilə sizi sıxı və səmimi əlaqədə görsəm, Leylanı da, özümü də məhv edəcəyəm! İvanov özünü itirdi: – Aman, mən nə etdim,—dedi,—allahı sevirsiniz, mənim mələyim, qısqanmayın! Mən hara baxsam sizi görürəm, qəlbim sizin üçün çırpınır, mənə inanın, mən sizə bəslədiyim sevgiyə sadiqəm. İvanov bunları dedikdə Raya da yorğanı başına çəkib ağlayır və sakit olmaq istəmirdi. İvanov sözünə davam etdi: – Mən dünyada, sizin səsinizi eşitmək üçün yaşayıram, mən dünya işığını, ancaq sizin mavi gözlərinizdə görürəm. Doğrudur, Leyla gözəldir, lakin o mənim ruhumu oxşamağı, qəlbimi çırpındırmağı bacarmaz, bir də, onun bir əli Hindistan şahzadəsi Bahadır xanın, digər əli Sadovskinin əlindədir. Bunlardan hansının xoşbəxt olacağı naməlumdur. Ester də elədir, onun bir əli Hamazasbın, bir əli də Avetisovun qolundadır. Lakin mən bilirəm ki, siz başqalarına bağlı deyilsiniz, mən bilirəm ki, siz Tiq-Çonsonu da sevmirsiniz. Raya: – Siz bunu haradan bilirsiniz?—dedi. İvanov bir az düşünərək: – Gözəl qızın acığı tutmazsa, haradan bildiyimi açıq söyləyə bilərəm,—dedi. Raya dedi: – Sizə and içirəm, acığlanmaram. İvanov onun saçlarını düzəldərək. – Siz Tiq-Çonsona məktub yazmışdınız, mən onu stolun üzərində gördüm, bu sözləri oxudum: «Fərqi yoxdur, biz evlənsək də uzun zaman davam edə bilməyəcik. Çünki mən İngiltərəyə getməyəcəyəm, sən də Şimali Qafqazda qalmayacaqsan». Raya dedi: – Doğrudur, mən o cümləni ancaq bir hadisədən sonra yazdım. İvanov: – Hansı hadisədən sonra?—deyə soruşdu. Raya: – Hər sözü dildə deməzlər,—dedi,—bir çox sirlər var ki, onu ancaq qəlbin çırpıntıları söylər. İndi gedə bilərsiniz. Ziyafətə gedin, cənab Araratyana məndən salam söyləyin. Lakin Leyla ilə danışmayacaqsınız! İvanov dedi. – Sizə and içirəm! O mənim qəlbimi heç vaxt fəth edə bilməz; zira qəlbimdə başqa sevgi üçün yer qalmamışdır. Orada yalnız siz, yenə də sizsiniz! – Elə isə gedin, lakin yenə də mənim yanıma qayıtmalısınız. – Gələcəyəm! İnanın, portfelimi də burada qoyuram. İvanovdan bir az sonra Raya yatağından qalxaraq qapını daldan kilidlədi, qəhqəhə ilə gülərək dedi: – Nə qədər səmimi sevgi? O da kimə? Ağılsızın birisinə! Portfeli maraqla açdı. Həftələrdən bəri bəslədiyi arzusuna nail olduğundan sevindi. Əvvəlcə Leylanın redikulundan götürüb, orada gizlətdiyi məktubları çıxartdı, onların biri türkcə, biri ermənicə yazıldığından heç bir şey anlaya bilmədi. «Eybi yoxdur, bu müəmmanı da həll edərəm» deyə məktubları gizlətdi. Raya portfeli stolun üstünə qoydu, içindəki materialları qarışdırmamaq üçün bir-bir götürüb kənara qoydu və nömrələrini başqa kağızlara yazıb iş qoluqlarının içinə atdı. Əvvəlcə kiçik bir iş qoluğunu götürüb açdı. Raya qoluğu açmadan sevinir, çoxdan bəri şübhələndiyi və öyrənmək istədiyi, hətta bunun üçün də nazını çəkdiyi bir simanın iç üzünü aydın edəcəyinə inanırdı. Qoluğu açdıqda, böyük bir sui-qəsd əlaməti gördü, özünü itirdi. Raya əvvəlcə yubanmadan portfeli götürüb Şaumyanın evinə aparmaq və onu bu sui-qəsddən xəbərdar etmək istədi. Lakin o, bu fikrindən çox tez döndü, vəsiqələrin surətini çıxarmağı və İvanova ayıq salmağı qərara aldı. Portfeldə kiçik bir dəvətnamə vardı. Burada işçi və cəbhəçilər nümayəndələri Xəzər hərbi donanmasının ümumi iclasına dəvət edilirdi. Digər müraciətnamədə, bulvarda çağırılacaq mitinqi müdafiə üçün cəbhəçilərdən silahlı qüvvə tələb olunurdu. Raya hər iki vəsiqənin surətini çıxartdı. Daha bir maraqlı vəsiqə gördü. Bu vəsiqə Şaumyanın təcili surətdə həbs edilməsi üçün verilən əmr idi. Digər bir vəsiqədə isə şəhərdə hərbi və əskəri idarə elan edilməsi yazılmışdı. Raya bu vəsiqələrlə, İvanov və Kriçenkonun böyük bir sui-qəsd hazırladığını müəyyən etdi. Raya əldə etdiyi bu vəsiqələrdən anladı ki, İvanov Bakı Kommunasını yıxmaq üçün görülən hazırlıq işində qəti rol oynayır. Raya qoluqdakı vəsiqələrdən bir qisminin surətini çıxartdı, qalanlarının isə nömrəsini yazdıqdan sonra çarpayı döşəyinin içində gizlədi. Raya qoluğu portfelə qoyub yenə yatağına uzandı və Şaumyanı görmək üçün ürəyində plan düzəltməyə başladı. Qapı döyüldü. – Açıqdır,—deyə Raya səslədikdə, İvanov daxil oldu və soruşdu: – Mənim ruhum! Səhhətiniz necədir, tərlədinizmi? Raya nazlanaraq: – Siz gəlməmişdən,—dedi,—xəstə idim, özümü çox pis hiss edirdim, hətta telefonla, sizi doktorun evindən çağırmaq istəyirdim, lakin sizi görürkən bütün xəstəlikləri, kədər və qüssələri unutdum. Oturun, ruhum! Sizinlə əylənirkən, özümü rahat və zövqverici aləmlərdə hiss edirəm. Oturun! Bir neçə saat məni məşğul edin. Bilirəm ki, işıqlanana qədər yata bilməyəcəyəm. Mən sizinlə bərabər olmaq istəyirəm, bilmirəm bu qiymətli arzuma çata biləcəyəmmi? İvanov sevinərək: – O sizdən asılıdır,—dedikdə Raya bir daha nazlanaraq dedi: – Rica edirəm, məni bir daha «siz» deyə çağırmayın, çünki «siz» kəlməsində bir uzaqlıq vardır. Rayanın bu sözü ilə İvanovun gözlərindən ilk sevinc damlaları düşdü. Raya onun saçlarını tumarlayaraq dedi: – Mənim ruhum, buna heç də lüzum yoxdur. Mən səninkiyəm. Onunla, o sevgi hiss etməyən ingilislə yaşamayacağam. Əmin ol ki, yaxında biz, həyatımızın ikinci dövrünə keçmək üçün səhifələrini yazacağıq. Bir neçə günədək səhhətim düzələr. Əmin ol ki, səni bir daha yalvartmayacağam. Madam ki, biz bir-birimizi sevirik, bir halda ki, ikimiz də gənc və azadıq, qeyri-müəyyən bir vəziyyətdə davam etməyin heç mənası yoxdur. Ancaq siz, bir neçə gün mənə möhlət verməlisiniz. İndi gedin, mən də rahat olmalıyam. Raya son sözünü dedikdə, dan ulduzu Nargin adasının dalından boylanır, Rayanın mavi gözləri kimi parlayırdı. * * * VI. Neft sənayesi milliləşir Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı. Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər. Xəbər yayırlardı ki, Moskvada bu məsələ qəbul edilməmişdir. O biri tərəfdən mədənlərdən lazımi materiallar oğurlanır, kassalarda olan pullar saxta vəsiqələrlə alınırdı. Mədən sahibləri mədənləri pozub-dağıtmaqla bolşeviklərin nefti idarə işini çətinləşdirirdi. Mədən müdirləri, inzibat işçiləri də bu xəyanətlərdə iştirak edirdilər. Bütün bu xəyanət işlərinə, neft burjuaziyası nümayəndəsi Takianosov başçılıq edirdi. O, Moskvadakı tərəfdarları ilə də əlaqə saxlayırdı. Lakin bunlara baxmayaraq, onun özü də məsələnin bolşeviklər lehinə həll ediləcəyinə inanırdı. Erməni neft burjuaziyası, xarici neft nümayəndələrinə nisbətən daha rahatsızdı. Onlar Takianosovun Moskvadan aldığı əsassız məktublarla hamıdan artıq maraqlanırdılar. Bu gün yenə də Takianosovun Moskvadan aldığı bir məktub oxunacaq idi. Məktub, erməni burjuaziyasının hökumət orqanı sayılan erməni milli soveti üzvlərindən doktor Araratyanın düzəltdiyi ziyafətdə oxunmalı idi, çünki bolşeviklərin dekreti ilə milli sovet ləğv edildiyi üçün, milli sovetin iclasları ancaq «ziyafət» pərdəsi altında çağırılırdı. Rəsmən ləğv edildiyinə baxmayaraq, milli sovet erməni burjuaziyasına olan xidmətini aktiv surətdə davam etdirir və bolşeviklərə qarşı xəyanət hazırlamaqdan geri qalmırdı. Bu gecə saat on ikidə doktor Araratyanın evindəki ziyafət, neft məsələsinin müzakirəsi üçün çağırılan iclasdan ibarətdi. Araratyanın qızı Ester, Leyla xanımı və Raya xanımı ziyafətə gətirmək üçün «Metropol» otelinə getməyə hazırlaşırdı. O, axşam saat doqquzda küçədə fayton gözləyirdi. Onun qarşısından orta boylu, yoğun gövdəli bir işçi ötürdü. Ester nədənsə işçini izləməyə başladı. İşçi uzaqlaşdıqca Ester də ona yaxınlaşmağa tələsirdi. Axşam qaranlığı Esterə mane ola bilmirdi. Ester yanğın dəstəsi binasının dalında dayandı və öz-özünə sual verdi: «Mən hara gedirəm? Bu kimdir? Əcəba, burada bir hadisə üz versə, atama nə cavab verəcəyəm?» Ester dayandı, işçi də dayandı. Heç birindən səs çıxmırdı, nəhayət Ester özünə cürət verərək bir neçə qədəm irəlilədi. İşçi də bir neçə qədəm ondan uzaqlaşdı. O sanki Esterin kölgəsi idi. Ester geri qayıtmaq istərkən, bir səs eşitdi. – Ester, qorxma, dayan! Bu səs Vahanın səsinə bənzəyirdi. Ester titrək səslə. – Vahan, sənsənmi?—deyə soruşdu. – Ester, irəli gəl, Vahandır, qorxdunmu?—deyə Vahan onu səslədi. Vahan bir neçə qədəm geri qayıtdı, Ester irəlilədi, dörd qol birdən açıldı, dörd dodaq biri digəri üzərində titrəməyə, iki qəlbin çırpıntısı bir-birini dinləməyə başladı, bu zaman dörd qara gözün daraq kimi kirpikləri də bir-birinə qarşı durduqda kimin gözlərindənsə bir qətrə yaş düşdü. Ester ağlayıcı bir səslə dedi: – Mən nə üçün qaraltını təqib etdim? Çünki o qaraltı ilə keçirdiyim xoş günlərin bütün tabloları gəlib gözümün qarşısından keçdi, sanki mən səni təqib edərkən, bir daha uşaqlığın unudulmaz və səadətli günlərinin qoynuna atıldım. Lakin sənin uzaqlaşmağa tələsməyin, mənim ümidlərimi qırdı, o uşaqlığın bir daha qayıtmayacağını hiss etdirdi. Vahan onun saçlarını oxşayaraq dedi: – Gəl, qorxma, həyatdan ümidini kəsmə. Sən məni dinləsən, biz, o uşaqlıqdan daha şən həyat qura biləcəyik. Ester ağlayaraq: – Çox çətindir. Mən iki cəlladın arasında qalmışam; atam məni onlardan birisinə satmağa çalışır, çünki, onsuz yaşaya bilməz. Atam yalnız onlara arxalanır,—dedi və başını Vahanın çiyninə qoydu. Vahan yavaşdan dedi: – Sata bilməz! Sən sözünün üstündə dursan, o səni satmağı bacarmaz. Sən məni dinlə: əvvəlcə Hamazasbı rədd etməlisən, çünki onların hər ikisini birdən rədd etmiş olsan, atan yenə də mənimlə olan əlaqəndən şübhə edəcəkdir. Əvvəlcə Hamazasbı atmış olsan, Avetisovun özü də bu barədə sizə kömək edər. Hamazasb da onun qorxusundan səsini çıxara bilməz. Hamazasb aralıqdan çıxandan sonra, Avetisovu rədd etmək mümkündür. Çünki o, bir qızdan ötrü ixtilaf törətməyi və işi silah gücü ilə həll etməyi bacarmaz. O vaxta qədər mən də işlərimi düzəldərəm, otaq taparam, bəzi şeylər də alaram. Anamı gətirib bacımın yanında qoymuşam, özüm isə ümumi işçi mənzilindəyəm, yaxın vaxtlarda mənə otaq verəcəklər, səni də köçürüb ora apararam. Ester Vahana belə bir sual verdi: – Onlar səni öldürməzlərmi? – Mənə heç bir şey edə bilməzlər. Onların ömrü çox azdır. Təşkilatları da köhnəlmiş, əsasən çürümüş və nüfuzdan düşmüşdür. Bizim bolşevik təşkilatı isə sağlamdır. Geniş kütlələr bizim təşkilatın ətrafında toplanmışdır. İndi işimiz yaxşı deyilsə, düşmənlərimiz süni aclıq yaratmışsa, bu çətinliyin ömrü çox azdır, tezliklə biz yenə də qalib çıxacağıq. Ester bu sözlərdən sonra bir az düşünərək Vahana müraciət elədi: – Vahan, sən istəsən, mən o çirkabın içərisindən çox tez çıxa bilərəm. – Əcəba, mən bu səadəti sənə vermək istəmirəmmi? – Sən istəsən də həyat buna yol vermir. Çünki yoxsulsan, işləri düzəldə bilmirsən, sözümə baxsan işlər çox tez düzələr. Al bu inci boyunbağını, saatımı, üzükləri, apar sat, hər bir işini düzəlt, bunlar mənim nəyimə lazımdır. Mən bütün bunları atamın tapşırığına görə daşımaq məcburiyyətindəyəm, o məni bəzədib gündə birisinə bəyəndirmək və özünə nüfuz qazanmağa çalışır. Vahan Esteri sakit edərək: – Yox, Ester!—dedi.—Mən bu təklifə heç vaxt razı ola bilmərəm, çünki mən bu şeyləri səndən qəbul etsəm, sənin atan məni oğru deyə məhkəməyə də çəkə bilər, mənim sənə olan sevgimə, şəxsi mənfəət namı da verə bilər, bu isə bolşevik adını daşıyan bir işçi üçün böyük ləkədir. İndi ki, sənin özün müftəxorlar və istismarçılar həyatından nifrət edir və bizim içimizə gəlirsən, mən də özümüzə layiq bir həyat düzəltməyə, hətta yaxında düzəltməyə çalışaram. Ester dedi: – Mən heç bir şey istəmirəm, yalnız o xainlərin içərisindən çıxmaq və sevmədiyim adamlara satılmamaq, səninlə yaşamaq istəyirəm. Vahan, sənin özün uşaqlıqdan məni tanıyırsan. Bilirsən ki, təntənəfilan sevənlərdən deyiləm. Sən bilirsən ki, mənim daşnaqlardan da zəhləm gedir. Onları müdafiə edən Avetisov və Hamazasb kimiləri də görməyə gözüm yoxdur. Vahan, sənə and içirəm. Mənə inan, bu gecə evdən çıxıb qaçmağa hazırlaşırdım. Çünki yenə də o vəhşilər atam düzəltdiyi ziyafətə gələcəklər, mən bilirəm ki, Vahan, onlar sizin düşməninizdir. Bacarsalar bolşevikləri bir gündə məhv edərlər. Vahan əlini Esterin saçlarında gəzdirərək soruşdu: – Ester, doğrudan da sən bolşevikləri sevirsənmi? – Onları sevməmək mümkündürmü? Mən onların dediklərini eşidirəm, nitqlərinə qulaq asıram. Onlara mane olmasalar, onlar mənim sevdiyim yoxsullara nicat verə biləcəklər. O zaman biz də... Ester sözünün gerisini söyləmədi, utandı, Vahan isə onun sözünü davam etdirərək: – O zaman biz də azad yaşayacaq, uşaqlıqda keçirdiyimiz əziz günləri özümüzə qaytara biləcəyik. Ester, ancaq sən buna inan. Bolşeviklər məğlub ediləcək bir qüvvə deyil. Onların ordusu çox böyükdür. Onlar danışa-danışa Stanislavski küçədən Telefonnı küçəyə düşdükləri vaxt saat on bir idi. Ester faytona oturarkən Leylaya müraciətlə: – Heç də bu kimi ziyafətləri sevmirəm,—dedi,— bunların hamısı atamın uyğunsuz işləridir. O, bu işləri ilə özünü və özü kimilərini erməni xalqının rəhbəri etmək istəyir. Mənsə onları görmək istəmirəm. Leyla: – Kimi görmək istəmirsən?—deyə soruşduqda, Ester: – Hamazasbı, Avetisovu,—dedi,—çünki hər bir ziyafətdə bunlar da olurlar. Leylanın bu sözdən xoşu gəldi, o çoxdan bəri düşündüyü bir məsələnin həyata keçə biləcəyinə inandı və sevindi: – Hamazasbla yaşamağınızın tərəfdarı deyiləm,—dedi,—lakin Avetisov ziyalı və ədəbli bir adamdır, onunla yaşamağın tərəfdarıyam. Siz hər halda Hamazasbı rədd etməlisiniz, onun şəxsiyyəti mənə xoş gəlmir, o sizə layiq deyildir. Ester Leylanın bu sözlərində Vəhanın təvsiyələrini bir daha xatırlayaraq dedi: – Bu gecə, bu gecənin özündə Hamazasbı rədd edəcəyəm, ona heç əhəmiyyət verməyəcəyəm. Leyla bu sözdə onu qucaqlayıb öpdü və dedi: – Bax, sən indi ağıllı qızsan, bu barədə sənə bir kitabça söz dedim, şükür olsun ki, axırda müsbət bir nəticə verdi. Leyla və Ester içəri girdikdə, Araratyanın qonaqları da, yavaş-yavaş gələrək balkonda dolaşır və Leyla ilə Esterin intizarını çəkirdilər. Sadovski kimsəyə macal vermədən, Leyla xanımın qoluna girdi. İvanov Raya ilə birlikdə gələrək balkonda dolaşır, yenə də eşq dastanlarını təkrar etdirirdi. Ester isə gələn kimi öz otağına keçib tualetini düzəltməklə məşğul ikən, Hamazasb və Avetisov da gözlərini qapıya çevirib, Esteri cəzb etməyə hazırlaşırdılar. Ester balkona çıxarkən, Nəccarov Hamazasba yanaşaraq söhbətə başladığı üçün, Avetisov fürsətdən istifadə ilə Esterin qoluna girdi. Leyla sevindi, çünki bu gecə Hamazasbla Avetisov arasındakı ixtilaf qəti bir şəkil alacaq və bununla da cəbhədə türk ordusuna qarşı vuruşan qoşun rəhbərləri arasında pozğunluq törəyəcəkdi. Raya bu vəziyyətə göz qoymuşdu, o Leylanın burada mühüm bir rol oynadığını bilməmiş deyildi. O, nə olur-olsun gələcəkdə Esteri ələ almağı və onu Leylanın təsirindən qurtarmağı düşünürdü; o Leylanın şübhəli qız olduğunu yəqin etmişdi. Esterlə Avetisov Hamazasbın yanından keçərkən, Hamazasb varlığı ilə dəyişdi. Bir qədəm irəliləyib onların qarşısına keçmək istədi, cəsarət etməyərək qayıtdı. Hamazasb acıqla ziyafəti buraxıb getmək istərkən uzaqdan bu işə göz qoymuş Araratyan onu dayandıraraq dedi: – Bir az mədəni olmalısınız! Bu söz Hamazasbın həyəcanını yatıra bilmədi. Araratyan fürsət olduqca göz işarəsi verərək Esterin Avetisovdan ayrılıb Hamazasba yanaşmasına çalışdısa da buna nə Ester əhəmiyyət verdi, nə də Leyla imkan verdi. Leyla Esterin Avetisovdan ayrılmasına imkan verməmək üçün Esterin o biri qolundan tutaraq salonu dolaşırdı. Süfrə başında oturmaq zamanı çatmışdı. Qızların üçü də, tualetlərini düzəltmək üçün Esterin otağına keçdilər. Onlar otaqdan çıxarkən, Araratyanı qapıda gördülər. O, qızı Esterin qolundan tutaraq içəri qaytardı. Araratyan qızına nəsihətverici bir əda ilə dedi: – Mən sənə dəfələrlə demişəm! Yenə də deyirəm. Övlad həyatın gözəl bir məhsuludur. Atalar öz məhsulunun yaxşı və məqbul olmasını sevər. Lakin mən çox təəssüf edirəm ki, sən, bu məsələni heç nəzərə almırsan, sən mənə ağılar içirtməyə çalışırsan, sən mənim başımın uçalığını və nüfuzumun yüksəlməsini istəmirsən. Ester təhqir olunmuş kimi qızardı və: – Mən nə etmişəm? Sizə hansı ağıları içirtmişəm?—dedi.—Siz məndən nə tələb edirsiniz? Araratyan soruşdu: – Sən nə üçün mənim doğru fikrimin əleyhinə gedirsən? Sən bilirsən ki, partiya yıxılası partiyalardan deyil, sən bilirsən ki, bolşeviklər bu gün-sabah məhv olacaqdır. Partiyamız yenə partiyadır. İş belə ikən daşnaq partiyasının adi bir üzvü olmaqdansa onun başında durmaq daha yaxşıdır. Buna görə də sən, heç vaxt mənim arzularımın əleyhinə çalışmamalısan. Ester dedi: – Sizcə bir fikrin əleyhinə çıxmaq ağılar içirtməkdirmi? Əcəba, siz, gənc bir qızın arzuları əleyhinə çalışırkən, ona zəhər içirtdiyinizi düşünmürsünüzmü? – Qızı özbaşına buraxsan kəndirbaza, yaxud oyunbaza ərə gedər. Buna görə də, qızın xüsusi fikri əsas ola bilməz, ata və anası onun vəkilidir. Ester: – Mən heç vaxt buna razı olmayacaq və Hamazasbın arzusunu yerinə yetirməyəcəyəm,—dedikdə Araratyan: – Gələcək bunu tələb edir!—deyərək əlini stola çırpdı. Ester yenə də inad göstərərək: – Bir qızın gələcəyini məhv etməklə, gələcək uğrunda çalışan atalardan olmayın. Mən ölüncəyə qədər sizə nifrət edəcəyəm,—dedi,—Hamazasb əyyaşdır, qarınquludur, şərəfsizdir, mən toylara yaxasına gül taxıb oyun çıxaran bir adama getməyəcəyəm. O, qabadır, o, utanmadan mənim gözümün qabağında erməni saldatının üzünə sillə vurub anasını söyürdü. O, erməni xalqının düşmənidir o, həqiqi daşnaq olsa da mən ona nifrət bəsləyirəm. – Görünür ki, sən mənim nüfuzumu öldürməyə və məni məhv etməyə çalışırsan. Ester ağlayaraq: – Yardımsız bir qızın namusu hesabına yüksələn nüfuzu öldürmək lazımdır!—dedikdə Araratyan yenə əlini stola çırpdı. Onu vurmaq istədi, lakin əlini saxladı: – Kəs səsini, utanmaz!—deyə qapını çırpıb çıxdı. Leyla və Raya dəhlizdə durub Esteri gözləyirdi, Araratyan onlara müraciətlə: – Esterə acığlanmışam, rica edirəm, ikiniz də ona nəsihət verib salona gətirəsiniz!—dedikdə qızlar Esterin otağına girdilər. Ester divanın üstünə yıxılıb ağlayırdı. Raya onun saçlarını sığallayaraq: – Ağlamağa lüzum yoxdur, ata qıza acıqlanar da, ona nəvaziş edər də; qalxın saçlarınızı düzəldin, ziyafətin pozulmasına səbəb olmayın,—dedikdə Ester qollarını açaraq Rayanı qucaqladı və ağlayaraq dedi: – O mənim yetimliyimdən istifadə edir, məni Hamazasb kimi bir alçağa satmaq istəyir, mən onu görmək belə istəmirəm. Raya dedi: – Bu da tədrici olaraq vücuda gəldiyi kimi, tədriclə də ayrılmalısınız. Lakin mən, sizin bu gecəki hərəkətinizdən heç də razı qala bilmədim, birdən-birə Hamazasbı atıb, onun gözü qarşısında Avetisovun qoluna girmək, ona qarşı təhqiredici bir nümayişdir. Mən heç vaxt Hamazasbı, yaxud Avetisovu sizə layiq bir adam bilmirəm, bununla bərabər ayrılmağın da bir üsulu vardır; mən bu barədə sizinlə uzun-uzadı danışmalıyam. Rayadan sonra Leyla Esterə yanaşaraq dedi: – Ağıllı qızsan, Raya nə deyirsə desin, mən sənin bu günkü hərəkətini təqdir edirəm. Hər işdə bir qətilik lazımdır. Hamazasb kimi qaba adamlar, etinasızlığı duyub çəkilməz və aciz bir qızın yaxasını buraxmazlar. Raya daha bir söz danışmadı, çünki o, hələ bir neçə gün əvvəl, Leylanın Hamazasbla Avetisovun arasına ixtilaf salmaq istədiyini hiss edirdi. Ester, Leyla və Raya salona gəldikdə, qonaqların yemək stolu ətrafında dolaşdığını və xanımların intizarını çəkdiyini gördülər. Xanımlar əyləşdi. Ester Avetisovun qarşısında yer tutdu, Araratyan onu Hamazasbın yanında əyləşdirmək üçün o tərəf-bu tərəfə atıldısa da Leyla buna imkan verməyərək: – Ester öz yanımda oturmalıdır,—deyə onu öz yanına aldı. Ziyafətdə neft sənayesi burjuaziyası nümayəndələrindən Takianosov, Kusakov və Mantaşev qardaşlarından da iştirak edənlər vardı. Hamazasb stolbəyilikdən imtina edərək: – Mən artıq bu vəzifəni bitirmişəm;—dedi. Stolbəyilik Elçiyana tapşırıldı. Birinci qədəh Leylanın, ikincisi Esterin, üçüncü Raya, dördüncü qədəh isə «neft qəhrəmanı» Takianosovun şərəfinə qaldırıldı. Takianosov söz aldı, ehtiyatla və yavaşcadan danışdı: – Bolşeviklər neft sənayesini milliləşdirməklə böyük bir mədəniyyəti bərbad etmək istəyirlərsə, onlarla bərabər Moskvada mədəni, bacarıqlı və iş bilən adamlar da vardır. Ali xalq təsərrüfat sovetində oturan zatların arasında elə şüurlu şəxsiyyətlər vardır ki, onlar heç vaxt neftin milliləşdirilməsi məsələsinə razı olmazlar. Mən süfrə başında oturan ağaları qiymətli bir məktubla təbrik edirəm. Bu xəbər süfrə başında oturanlarda böyük şadlığa səbəb oldu. Qədəhlər yenidən dolduruldu, beşinci qədəh miralay Avetisovun şərəfinə idi. Hamı ayağa qalxdı, xəfif təbəssümlər saçan gözlər nəzakətlə Avetisova çevrildi. Leyla qədəhini götürüb ayağa qalxdıqda Esterin də qolundan tutub qaldırdı və Avetisovla qədəh-qədəhə vurmağa məcbur etdi. Ester qədəhini Avetisovun qədəhinə vururkən qeyri-adi bir çinkilti çıxdı. Bu səs, ordu rəhbəri Avetisovla Hamazasb arasında qəti bir şəkil almış ixtilafın elanı idi. Süfrə başında ani və nagəhani bir pozğunluq törədi, müdhiş bir hadisə nəticəsində adamlar dağılıb getdi. Stol başında kimsə yoxdu, ancaq Hamazasb, əlindəki qədəhi ağzına alıb çeynəyir, dodaqlarından axan qırmızı qan, yaxasındakı ağ gülün yarpaqlarını boyadıqdan sonra süfrəyə tökülürdü. Süfrə başında oturan rəhbərlər Moskvadan gələn məktubu oxumaq üçün qapandıqları otaqdan çıxıb getmişdilər. Doktor Araratyan, Esterin otağının qapısını vurduqda, belə bir səs eşidildi: – Bir daha Hamazasb adını çəksəniz, intihar edəcəyəm! * * * VII. Rayanın romanı Raya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona işləmək imkanı verilmirdi; onu bir tərəfdən Leyla, o biri tərəfdən də İvanov təqib edirdi. Bunlardan əvvəlincisi Rayadan şübhələndiyi, ikincisi isə Rayanı sevdiyi üçün onu gözdən qoymurdu. Son günlər, Leylanın Raya haqqındakı şübhəsi daha da artmışdı. O, yəqin etmişdi ki, itirdiyi məktubları Raya götürmüşdür. Leyla məktubları Rayanın mənzilindən təkrar götürmüşdü. Bütün bu məsələlər Rayanı düşündürürdü. O, İvanovun portfelindən götürdüyü vəsiqələri iki gün idi ki, Şaumyana yetirə bilməmişdi, çünki onu bir saat da sərbəst buraxmırdılar. Bu gecə İvanov hərbi donanmada iclasa gedəcək, gecə saat ikidə isə «Metropol»da Raya ilə görüşəcək və şam yeməyini birlikdə onunla yeyəcək idi. Bakı Sovetində iclas vardı, Raya iclasa getməli və orada Şaumyanı tapıb görüş təyin etməli idi. Bunun üçün də Raya Məlik-Elçiyan və Ayolloya müraciətlə: – Mən Bakı Sovetinin iclasına getmək istəyirəm,—demişdi. Raya, Məlik-Elçiyan və Ayollo ilə bərabər iclas salonuna girərkən, Şaumyan xitabət kürsüsündə danışırdı. Şaumyan danışdıqca, Raya saatına baxaraq tələsirdi, çünki o, ikinin yarısında «Metropol» otelində olmalı idi. Gecə keçir, İvanovun Şaumyana qarşı hazırladığı sui-qəsdin həyata keçirilməsi günü yaxınlaşırdı. Raya, İvanovun hərbi donanmada çağırdığı iclasdan da şübhələnirdi. Raya eşiyə çıxmışdı, yenə içəri qayıtdığda, Şaumyan hələ danışır və deyirdi: – Burada dedilər ki, Zaqafqaziyanın bütün bədbəxtliyi Brest-Litovsk müqaviləsindən sonra başladı. Menşeviklər ilə «müsavatın» bloku Brest müqaviləsindən sonramı düzəldi? Məgər menşeviklər, cəbhədən qayıdan əskəri eşelonları tərk-silah etdirib güllələmək icazəsini müsavatçılara bu müqavilədən sonramı verdilər? Bu siyasət çoxdan bəri hazırlanırdı. Uniaşvili seymdə «rus tərəfdarlığı irtica tərəfdarlığı deməkdir, buna görə də başqa bir tərəfdarlıq axtarmalıdır» sözünü əbəs yerə demirdi! Bunu müdafiə edən, Çxeidze «bolşeviklərlə əlbir olmaqdan türklərin qucağına girmək yaxşıdır» deyirdi. Bir adam ki, bu sözü söyləməyi münasib bilir, daha burada Brest müqaviləsinin nə təqsiri vardır? Raya yarım saatdan bəri «Astoriya» otelinin qarşısında dolaşır, avtomobil səsi gələn kimi qapıdan uzaqlaşırdı. Nəhayət, Şaumyanın maşını göründü. Şaumyan maşından düşüb içəri girdikdə Raya da daxil olmaq istədi. Qapıçı: – Şaumyanı yalnız öz idarəsində görmək olar!—deyə mane oldu. Raya: – Rica edirəm!—dedi.—Sabaha qalası məsələ deyildir. Gedin, özünə söyləyin, bəlkə də o, icazə verər. Qapıçı getdi, Rayanın isə ürəyi döyünürdü, o, «bəlkə də məni qəbul etmədi, onda necə olsun?» deyə düşünürdü. Qapıçı qayıdıb xoş xəbər gətirdi: – Buyura bilərsiniz!—dedi. Raya Şaumyanın iş otağına girdiyi zaman Şaumyan yazı stolunun başında oturub bir əli ilə oğlunun saçlarını darayır, o biri əli ilə isə qarşısındakı çayı qarışdırırdı. Şaumyan Rayanı gördükdə: – Oturun, vətəndaş!—deyərək stolun yanında qoyulmuş stulu göstərdi, sual verdi: – Sizə nə kimi xidmət edə bilərəm? Rayanın boğazı tutuldu, ağlamağa başladı və əlləri titrəyə-titrəyə redikulunda gizlətdiyi sənədləri çıxarıb Şaumyanın qarşısına qoydu. Şaumyan əvvəlcə hərbi donanmada çağırılan gizli iclasların stenoqramlarını gözdən keçirtdi, sonra da İvanovun düzəltdiyi sui-qəsdə dair materialları gördükdə təəccüblə ayağa qalxdı və evi dolaşdı. Şaumyan stulunda oturdu, Rayanı diqqətlə gözdən keçirərək: – Bəli, əhəmiyyətli sənədlərdir, sizə təşəkkür edirəm,—dedi, yenə də sənədləri yoxlamağa başladı. Raya Şaumyanı gördüyü və bolşeviklərə xeyirli bir xidmətdə bulunduğu üçün sevinirdi. Şaumyan yenə nəzərini Rayaya çevirib, onu diqqətlə sezdikdən sonra soruşdu: – Bakı kommunasının çətin günlərində, bizə yaxın gəlmisiniz, onun üçün də xidmətiniz mühümdür. Əcəba, siz bunları nə vasitə ilə əldə etdiniz? Raya: – Biz, «Metropol» otelində yaşamaqdayıq,—dedi,— İvanov, Sadovski, Ayollo bizimlə tanış oldu, onlar hər yerdə Sovet hökumətinin əleyhinə çıxışda bulunduqlarından mən, onları təqib etməyə başladım. Mən İvanovdan daha çox şübhələnirdim. Bunun üçün də onunla çox yaxınlaşdım, hətta mən ona, öz sevgisini elan edincəyə qədər azadlıq verdim. Nəhayət, iki gecə əvvəl portfelini aramağa imkan tapdım və həmin sənədləri əldə etdim... – Siz kimsiniz və nə iş görürsünüz? Danışın, mən sizinlə maraqlanıram. Raya öz sərgüzəştini belə başladı: – Dünya müharibəsi başlandıqda, Biçeraxovun dəstəsi təşkil olunurdu. Mən o zaman Şimali Qafqazda idim, hər iki qardaşım da Çornozubovun qol ordusu ilə İrana getmişdi. Onlardan heç bir xəbər yoxdu. Bu vaxt Biçeraxov ərkani-hərbində mənə makinavi və stenoqrafçı vəzifəsini təklif etdilər. Bu vəzifəni bir çoxları rədd etsə də mən qəbul etdim, çünki bununla yox olmuş qardaşlarımdan bir məlumat alacağımı düşünürdüm. Mən Biçeraxovun dəstəsi ilə Qızıl rübat və Şəhrəban şəhərlərinə qədər getdim. İngilislər bizim dəstənin Bağdadda girməsinə icazə vermədi. Rusiyada inqilab başlandığından general Baratovun ordusu kimi biz də Bağdad qapılarından Kirmanşaha qayıtdıq. 18-ci ilin fevralında ingilis missiyası da Bakıya yol açmaq üçün Kirmanşaha gəldi, orada Biçeraxov və onun qüvvələri ilə tanış oldu. Biz Kirmanşahda iki aydan artıq qaldıq, sonra Həmədana keçərək, Biçeraxov ingilislərlə müttəfiq hərəkət üçün müqavilə bağladı. Hələ bu vaxtlar Baratovun ordusu, Kirmanşah və Həmədan tərəflərini tərk etməmişdi. İngilislərin təklifinə görə, Biçeraxov, Baratov ordusundan bir sıra zabitləri xidmətə qəbul edirdi. Bu zabitlər Biçeraxov dəstəsindən olsalar da, Biçeraxovun öz dəstəsi ilə bərabər ingilis xidmətində sayılırdılar. Xidmətə qəbul edilənlərdən biri də, Vladimir Klimov adlı gənc rabitə zabiti idi. Burada Şaumyan Rayanın sözünü kəsərək soruşdu: – Vladimir haralı idi? – O Uzaq Şərqli idi. Öz dediyinə görə Sibirdə doğulmuş, Vladivostok şəhərində böyümüşdü. Cahan müharibəsi başlanırkən Vladimir Sibirdə 39-cu süvari alayına rabitə zabiti sifətilə səfərbər edilmiş və müharibənin əvvəllərində Qafqaza gəlmişdi. Raya danışırkən tez-tez dönüb divar saatına baxırdı, buna görə də Şaumyan: – Qızım, getməyə tələsirsinizmi?—deyə sual verdi. Raya cavab verdi: – Bəli, tələsirəm, çünki İvanov məni saat ikinin yarısında oteldə gözləyəcəkdir. Yenə də Şaumyan ona bir sual verdi: – Bundan sonra İvanovla görüşməyin nə lüzumu vardır? – Bu doğrudur, lakin gələcəkdə haqqımda şübhə oyatmaq istəmirəm. – Saat on iki olmamışdır. Getməyinizə vaxt çoxdur, rica edirəm, Vladimirin sərgüzəştlərini axıra qədər söyləyəsiniz! Raya sözünə davam etdi. – Vladimirin alayı da Sibir alayları ilə birlikdə Təbriz şəhərinə göndərildi. Bu vaxtlar rus qol ordusunun komandanı Çornozubov, Xəlil paşanın diviziyası ilə Urmi və Səlmas yollarında vuruşurdu. 39-cu Sibir alayı gəmilərlə Urmi gölündən keçərək, Xəlil paşanın arxasını kəsmək istərkən, Vladimir haman müharibədə rabitə zabiti sifətilə iştirak etmişdi. General Çornozubovun qol ordusu, Baratov ordusu ilə birləşirkən, Vladimir də Bağdad yaxınlığına qədər getmişdi. İnqilabdan sonra Baratov ordusu Bağdad tərəflərindən çəkildikdə, Vladimir «yerlərimiz şuluqdur, keçmək mümkün deyildir»—deyə Biçeraxovun dəstəsinə daxil oldu. Vladimir rabitə zabiti olduğu üçün, ərkani-hərbi iş otağına çox tez-tez gəlirdi. Mən makinədə yazı yazdıqda, o, sözlü adamlar kimi mənə baxırdı. İsanın təvəllüd gününə qədər bir çox dəfə mən işlədiyim otağa gəlmişdi. Nəhayət, həmin gecə verilən ziyafətdə, Vladimir iştirak edirdi və biz burada tanış olduq. Süfrə başında da bərabər oturduq. Birlikdə oynadıq da. Bu gecəki tanışlıq davam etdi. Onunla tez-tez görüşürdüm. O mənim yaşadığım evə də gəlir, məni əyləndirirdi. Vladimirin bir xatirat dəftəri vardır. O dəftər çox maraqlı, çox da dəhşətli idi. Orada bu müharibənin dəhşətləri, insanların nə qədər qiymətsiz, hətta toyuqdan da əhəmiyyətsiz bir şey sayıldığını və minlərcə insanın bir anda məhv edildiyini oxumaqla mən, müharibəyə və müharibəyə səbəb olanlara nifrət etməyə başlayırdım. Mən Vladimirin xatirat dəftərini oxuyarkən belə bir səhifəyə təsadüf etdim: «Biz Səlmas şəhərinə hücum edirdik. Günlərdən bəri davam edən müharibəyə baxmayaraq türkləri Səlmasdan çıxarmaq mümkün olmurdu. Türklərin ikinci hücumundan ruslar qaçmağa başladı. Türklər Kutçi gədiyinin başına qədər bizi təqib etdilər. Rusların Urmi gölündən keçən yeni alayları Xəlil paşa partiyasının arxasını kəsmək əmrini almışdı. Mən səhra telefon xəttini gözdən keçirirkən belə bir mənzərəyə təsadüf etdim. Yanaşı olaraq iki yaralı yıxılmışdı. Yaralılardan biri türk əskəri, digəri isə rus saldatı idi. Görünən əlamətlərdən, saldatın sürünüb əskərin yanına gəldiyi bəlli idi. Çünki süründükcə qanı yerdə iz salmışdı. Saldat su qabını əskərin ağzına söykəmişdi. Dəmir su qabı saldatın əlində, əskərin ağzında ilişib qalmış və onların hər ikisi bu vəziyyətdə can vermişdilər. Onların vəsiqələrini yoxladıqda birisinin diyar-bəkrli Həsən Nuri, digərinin isə Şimali Qafqazdan Vasili Naumov olduğu aydınlaşdı». Raya bunu söyləyərkən dəhşətlə ağladı və: – Vasili Naumov mənim bədbəxt qardaşım idi. Mən bu təsadüfü heç vaxt unutmayacağam, mən ölənə qədər müharibəyə nifrət bəsləyəcəyəm. Günlərin birində o, mənimlə evlənmək arzusunu söylədi. Etiraz etmədim, çünki ömrümdə Vladimir kimi simanı birinci dəfə görürdüm. Müharibə bitdikdən və hər ikimiz evimizə döndükdən sonra, ailə düzəltməyə söz vermişdik. Mən onun qəlbinin sirlər və həqiqətlərlə dolu olduğunu bilirdim, nə mən ondan bir söz soruşurdum, nə də o söyləyirdi. Lakin axşamlar mənzilimə gəldikdə, gündüz nə iş gördüyümü və makinədə nə yazdığımı soruşardı. Bir gün yenə mən Vladimirin xatirat dəftərini oxuyurdum. Bağdad yaxınlığından qayıdaraq, pulsuzluq üzündən Kirmanşahda qalan Baratov ordusu saldatlarından birinin Kirmanşah bazarında xəstələnib dilənçilik etməsi təsvir olunurdu. Doğrusu mən elə saldatları hər gün görsəm, buna adət etmiş olsam da ağladım. Bir dəfə istirahət günü olduğundan, Vladimirlə gəzməyə çıxmışdıq. Biz doğrudan da bazarda yüzlərcə dilənçi saldata rast gəlirdik, lakin bunlara heç bir şey verən yoxdu. Çünki bir neçə ay əvvəl Baratov ordusu müzəffər bir surətdə Kirmanşahdan keçərkən şəhər bazarını talayıb və yandırıb keçmişdi. Bizim yolumuz Baratov ordu hissələrinin mənzil etdiyi qədim bir karvansaraya düşdü; tövlə səkilərində yüzlərcə tif xəstəliyi tutmuş gənc saldatlar inildəyirdi. Biz başqa bir səkiyə yanaşdıqda orada da 20—30 nəfər xəstə çırpınırdı. Sanki dünyanı qaldırıb mənim başıma çırpdılar, zira mən kiçik qardaşım Mixayili də xəstələrin içində gördüm. Mən bayıldım, ayıldıqdan sonra qardaşımı görə bilmədim, o artıq ölmüşdü. Bu vəziyyət məni günlərcə düşündürdü, mən hər gün Vladimirlə görüşürkən, müharibə fəlakətlərindən söhbət açır və yazıq qardaşlarımı xatırlayıb ağlayırdım. Nəhayət, günün birində Vladimir mənim bu sözlərimə cavab olaraq: – Elə etməliyik ki, müharibə olmasın,—dedi. Sonra izah etdi:—Nə qədər ki, kapitalizm var, nə qədər ki, xüsusi mülkiyyət var və hakimiyyət kapitalistlərin əlindədir, müharibə və müharibə dəhşətləri labüddən olacaqdır. Müharibələrə nəhayət vermək üçün imperialistlərin hakimiyyətini devirməli, imperialist müharibəsini vətəndaş müharibəsinə çevirməli və bu müharibədə qələbə çalaraq, əməkçilərin hakimiyyətini qurmalı və möhkəmləndirməlidir. Əməkçilərin hakimiyyəti qurulduqdan və xüsusi mülkiyyət ləğv edildikdən sonra müharibə üçün heç bir zəmin və səbəb qalmayacaqdır. Rusiyada bolşeviklərin yapdıqları Oktyabr inqilabı bu yolla gedir. Bolşeviklərin rəhbəri böyük Lenin bizə bu yolu göstərir. Bu yolla getmək istəyirsənmi? Əməkçilər tərəfində kapitalistlərə, qan içənlərə, xalqa zülm edənlərə qarşı mübarizə etmək istəyirsənmi? – İstəyirəm,—dedim,—əlbəttə istəyirəm, lakin mən necə kömək edə bilərəm? Mən nə kimi vəzifələr ifa edə bilərəm?—dedikdə Vladimir dedi: – Sənin vəzifən hələlik Biçeraxov ərkani-hərbindəki bütün vəsiqələrin surətini çıxarmaqdan ibarət olacaqdır. Mən Vladimirin bütün fikirlərini qəbul etdim, hər gün işlərin surətini çıxarıb ona verməyə başladım. Raya bu sözləri dedikdə, Şaumyan onu ayağından başına qədər süzərək: – Götürdüyünüz gizli sənədləri hara göndərirdiniz?—dedi. Raya: – Haman sənədlər, sizə çatmaq üçün Ənzəlidə inqilab komitəsi sədri Çelyabin yoldaşa göndərilirdi,—dedikdə, Şaumyan: – Sizdən razıyıq,—dedi,—xidmətiniz təqdirəlayiqdir. İndi danışın görüm, yoldaşlarınız harada məhv oldu? Necə olub elə də danışın, hələ vaxtınıza yarım saat var. Raya sözünə davam edərək: – Mart ayının birinə qədər,—dedi,—Baratovun Kirmanşah və İraq hüdudlarındakı ordusu tamamilə Kirmanşaha yığışdı. Baratovun tərk etdiyi 250 millik böyük bir məsafəni İraq və İran hüdudundakı Xanəkeyn şəhərində duran ingilis qarnizonu işğal etdi, bunlar Stafford, Varviq və sair alaylarından ibarət idi. Baratov ingilislərdən pul alaraq Həmədana köçdükdən sonra, Biçeraxov da öz dəstəsini Həmədana köçürtdü. Biçeraxov mart ayının ortalarında nəqliyyatını təmir edərək Həmədandan keçməyə hazırlaşdıqda, ingilislər martın 23-də Biçeraxovla müqavilə bağladı. Biz müqavilənamənin gizli bir maddəsinin surətini çıxarıb Çelyabin yoldaşa göndərdik. O maddə ilə ingilislər, Şimali Qafqazda bolşeviklərə qarşı açdığı müharibəyə Biçeraxova kömək verəcəklərini öhdələrinə alırdılar. Onlar bunu, beş maddədən ibarət olan əsil müqavilədə göstərməmişdilər. Şaumyan Rayadan bir şey də soruşdu: – Vladimirin gizli imzası nə idi? Raya: – Nömrə beş,—deyə cavab verdi. Şaumyan: – Sözünüzə davam edin,—dedi. Raya danışdı: – Biz, martın 23-də Biçeraxovun Qəzvinə hücum etmək istədiyini yoldaş Çelyabinə xəbər vermişdik. Biz elə bilirdik ki, Kiçikxan Qəzvin şəhərini işğal ilə ingilislərin Bakı səfərinə mane ola biləcəkdir. Lakin bu düşünčəmiz fayda vermədi. Biçeraxov martın 24-də Həmədandan hücuma keçib, bir güllə də atmadan ayın 28-də Qəzvini işğal etdi. Biz Qəzvinə gələrkən özümüzə çox köməkçi tapdıq. Qəzvindəki məşhur «Fransa» oteli, bolşevik qərargahına dönmüşdü. Kiçikxanla da əlaqəyə girə bildik. Onun «Mənçil» çəbhəsini möhkəmlətməsinə yardım göstərdik və az zamanda Qəzvin-Ənzəli telefon xəttini əlimizə aldıq. İstədiyimiz vaxt Ənzəlidəki inqilabi komitə ilə danışırdıq. Qəzvin telefonxanasının rəisini də ələ aldıq. Bununla da biz ingilislərin və Biçeraxov ərkani-hərbinin bütün işlərini telefon vasitəsilə Ənzəliyə xəbər verirdik. Biçeraxovun yaveri və Qəzvin hərbi polisinin rəisi Savlayev Ənzəli ilə Qəzvin arasında telefon rabitəsi olduğunu bilsə də bu sirrin üstünü açmırdı. Nəhayət, günlərin birində, Savlayev əmr verdi ki, telefon rəisini həbs etsinlər. Savlayev maşına oturduğu vaxt, Vladimir telefonla rəisə xəbər verdi ki, o gizlənsin, Rəis tutulmadısa da Vladimirin müqəssir olduğunu təyin ilə həbs etdilər və Qəzvində güllələdilər! O, yenə ağladı. Şaumyan həyəcanla ayağa qalxıb dedi: – Əcəba, sizin özünüzdən şübhələndilərmi? Raya dedi: – Xeyr, həm Savlayev, həm də ingilis miralayı Tiq-Çonson məni sevir və mənə inanırdılar. Mən, haman ingilisin hesabına Bakıya gəlmişəm. Mümkün olursa Vladimirin yolunu davam etdirəcəyəm. Raya Şaumyanla vidalaşıb çıxdıqda, gecə saat bir olmuşdu. * * * VIII. Yerevandan məktub Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi. Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü. «Əziz dostum Vahan! Sənin dediklərinə əməl etdim. Dünən gecə bütün Bakı milyonçuları bizim evimizdə idi. Takianosov Moskvadan Ali Xalq Təsərrüfat Sovetindən aldığı məktubu oxudu, məktubdan anlaşıldığına görə neft sənayesinin milliləşməsi haqqında verilən dekretin ləğv ediləcəyi ehtimalı vardır. Vahan, Hamazasbdan yaxam qurtardı, ziyafətdə ona əhəmiyyət vermədiyimdən əlindəki şüşə qədəhi çeynədi. Çiyər yemiş köpək kimi ağzından qan axırdı. Atam məni təhdid etdisə də «intihar edəcəyəm» deyə onu sükuta məcbur etdim. Hələlik heç bir söz demir, çünki onun ümidi Avetisovadır. O, güman edir ki, mən Avetisovla yaşayacağam, Avetisov da Hamazasbın əvəzinə onu milli sovetə sədr keçirəcəkdir. Vahan, çalış ki, mən buradan tezliklə qurtara bilim. Vahan, atamın Yerevandan aldığı bir məktubu da sənə göndərirəm. Bəlkə o məktub sizə lazım oldu, görünür ki, atam və onun yoldaşları yeni xəyanət hazırlayırlar. Məktubu atamın portfelindən götürmüşəm». Leyla Yerevandan gəlmiş məktubu tələsik oxudu: «Möhtərəm doktor! Siz siyasətin dəyişdiyini bilməmiş deyilsiniz, hazırda Bakı ermənilərinin bolşeviklərlə birlikdə Türkiyə ordusu əleyhinə müharibədə iştirak etməsi yanlış bir xətti-hərəkətdir, çünki hələlik Türkiyə daxilində bir çox erməni yaşamaqdadır. Bu günkü gün ermənilərdən yenə də Türkiyə hökumət əzalığında olan, ali vəzifə daşıyan simalar, hətta nazirlər belə vardır. Türkiyə ordusunun ərkani-hərbində onlarca erməni zabitləri çalışmaqdadır. Əlbəttə, siz Bakı ermənilərini bu məsələ ətrafında hazırlamalısınız. Bu iş üçün Bakıya xüsusi nümayəndələr göndərməliyik. A. İ. Xatisov. M. Arutyunyan». Mənim ruhum Vahan! Belə görünür ki, sizin gələcəyiniz qorxuludur, daşnaqlar sizə xəyanət edirlər. Sabah axşam yenə də saat 8-də vağzalın dalısındakı yerdə duracağam. Səni sevən Ester. Bakı, 11 iyun, 1918-ci il» Leyla son məktubun surətini çıxartdıqdan sonra, Esterin məktubunu başqa bir paketə qoyub bağladı, məktubun surətini isə başqa bir paketə qoyaraq Türkiyə ərkani-hərbinə göndərmək üçün hazırladı. Leyla xanım bu sənədi ələ keçirdikdən sonra, stolun başında oturub Sadovskiyə məktub yazdı: «Möhtərəm cənab! Heç şübhə yoxdur ki, siz ayın səkkizindəki mübahisəmizdən incimisiniz. Bunun üçün də bəzi məsələləri sizə izah etmək istəyirəm. Siz bilirsiniz ki, mən, yüksək şöhrət sahibiyəm. Hətta İngiltərə kralı ailəsində tərbiyə tapmış Hindistan şahzadəsinin adını daşıyıram. Mən sizinlə ziyafət stolu başında bir oturur, sizinlə qol-qola verərək gəzir və əylənirəmsə bu, mənim sizə qarşı səmimi əlaqəmi göstərir. Mən bunu inkar etmirəm, sizi sevirəm, lakin bu sevgiyə cənab İvanovla Rayanın sevgisi kimi məna verilməməlidir. Çünki mənim sevgim tamamilə başqa bir sevgidir. Daha açığı, mədəni bir qadının, mədəni bir kişiyə bəslədiyi sevgidir. Mən bu təmiz sevgidən boyun qaçırmıram. Bunun üçün məni məzəmmət edən də olmaz. Lakin bizim hüdud xaricinə çıxmağa haqqımız yoxdur. Zənn edirəm ki, izahat üçün bu kifayətdir. Demək ki, biz barışdıq, axşam kiçik bir ziyafət düzəltmişik. Raya, İvanov, Ester və başqa tanışlar da iştirak edəcəklər. Saat on tamamda sizi döyünməkdə olan qəlbim və intizarlar içində üzən göz bəbəklərimlə gözləyəcəyəm. Sizi sevən Leyla. Bakı, 11 iyun». Leyla xanım məktubu bitirərək zərfin üstünü yazarkən, Ester ilə Raya içəri girdi. Axşamkı ziyafətin cədvəlini düzəltməyə başladılar. Cədvəldə mühüm yer tutan cürbəcür içkilər, qızların nəzərini cəlb etdi, buna görə də Leyla izahat verərək dedi: – Ziyafət salonda deyildir, öz otağımdadır. İçkinin çoxluğundan bir zərər gəlməz. İvanovu telefonla çağırmaq lazım idi. Ester və Leyla, Rayanı buna məcbur etmək istədilər. Raya boyun qaçırtdı. – Mən çağıra bilmərəm. Onu, idarəsindən çağırmaq səlahiyyətini almamışam. Leyla xanım və Ester birlikdə qalxıb telefona getdilər. Raya Leylanın redikulunda iki məktub gördü, məktubun biri Sadovskiyə idi. Raya ona əhəmiyyət vermədi. İkinci məktubun üstü yazılmadığından, Raya şübhələndi. O, yazılmamış bir kağızı, başqa bir paketə qoyub bağladı və Leylanın redikulundakı məktubla əvəz etdi. Leyla qayıdan kimi redikulunu yoxlayaraq məktubları yerində gördükdən sonra əmin oldu. Leyla xanımın otağında təntənəli bir ziyafət süfrəsi açılmışdı. Leyla xanım, bu süfrədə eser, menşevik rəhbərləri ilə hesablaşmaq istəyirdi. Krıçenko, İvanov və Elçiyandan başqa bütün rəhbərlər Leyla xanımın ətrafına toplaşmışdılar. Qədəhlər işə düşür, hər kəs istədiyini yeyir və istədiyini deyirdi; kimi gülür, kimi danışırdı, qadından, qızdan, gözəldən, gözəllikdən söhbət açırdı. Raya isə bir tərəfdə oturub düşünürdü. O, indiyə qədər İvanovun həbsə alınmadığını xəyalına gətirəndə təəccüb edirdi. Çünki Sovet hökuməti və onun baş komissarı əleyhinə sui-qəsd düzəldən bir adamın sui-qəsd açıldıqdan sonra da həbs edilməməsi əlbəttə təəccüblü bir iş idi. Rayanın belə həyəcanlı dəqiqələrində qapı açıldı. İvanovun xidmətçisi Raya xanıma bir məktub təqdim etdi. «Gözəl mələyim! Sənsiz keçirilən bir dəqiqə, mənə zindanda keçirilən uzun illərin acı duyğularını verir. Sənin gözlərinə baxmaq nə böyük səadətdir!. Bir saatdan sonra sənin o məsum gözlərinə baxmaq səadətinə nail olacağam. İvanov». Raya bir daha dərin düşüncələrə daldı və öz-özünə dedi: «Əcəba, yoldaş Şaumyan mən apardığım sənədlərə inanmadımı? İnanırsa bəs nə üçün İvanov indiyə qədər həbs edilməmişdir? Leyla və Ester Rayanın yanını kəsib soruşurdular. – Əcəba, İvanov gəlməsə, siz süfrəyə oturmayacaqsınızmı? Raya: – Xeyr, oturmayacağam!—dedi. Yenə də Rayaya güldülər, Leyla xanım isə onu «sevgi dəlisi» adlandırdı. Leyla xanımın xidmətçisi bir məktub gətirdi, məktub Ayolloya çatacaq idi. Ayollo məktubu açıb oxuduqdan sonra, Sadovskiyə baxaraq çöhrəsində bir şadlıq zühur etdi. Sadovski: – Yeni xəbərmi var?—deyə soruşduqda Ayollo: – Sonra danışarıq,—deyə məktubu pencəyinin cibinə qoydu: Leyla məktubdan söz açaraq: – Məktub, səmimi dostlardan gizlimidir?—dedi.—Biz o şadlıq məktubunu oxumaqdan məhrum olacağıqmı? Ayollo dedi: – Ayollonun sizə olan səmimiyyəti yüksəkdir, lakin məktub süfrə başında oxunacaq məktub deyildir. Başqa bir vaxta qalsın. Ayollonun cibindəki məktubla həm Leyla xanım, həm də Raya maraqlanırdı. Onların hər ikisi məktubu ələ keçirməyə tələsir və o barədə düşünürdü. Gecə saat on iki oldu, nə İvanov, nə də Krıçenko gəlib çıxdı, bütün güman olunan yerlərə telefon edildisə də bir xəbər çıxmadı. Raya İvanovun həbs edildiyinin zənni ilə rahat olmuşdu. Gecə saat birin yarısında, Elçiyan «vay» xəbəri ilə içəri girərək məhzun halda dedi: – Ağalar, xanımlar, mən sizə böyük bir bədbəxtlik xəbəri verməyə məcburam. Bir neçə saniyə nə Elçiyan, nə də oturanlar danışdı. Hər kəsin gözü bir nöqtədə donub durmuşdu. Əllər olduğu yerdə hərəkətdən qalmış, çəngəllər ağız ilə nimçə arasında, bıçaqlar isə cücələrin böyründə, barmaqlar piyalənin boğazında, yağlı tikələr ağızlarda idi. Gözlər isə Elçiyanın dodaqlarını hədəf almışdı. Elçiyan: – İvanov və Krıçenko cənabları həbsə alınmışdır,—dedikdə, Raya qışqıraraq bayıldı. Süfrə altüst oldu, Ayollo qalxıb Rayanı qolları üstünə götürüb yatağına aparmaq istərkən Raya öz işini işlədi: Ayollonun cibindəki gizli məktub artıq Rayanın cibində idi. Ziyafət pozuldu, həbs adı eşidən rəhbərlərin nə vaxt və hansı qapıdan çıxıb getdiyini heç kəs bilmədi. Gecədən çox keçmişdi, oteldə ayıq qalan yalnız Raya idi. O şadlığından yata bilmirdi. Həm Yerevandan gələn məktubu Leylanın redikulundan götürdüyü üçün, həm də İvanov və Krıçenko həbs edildiyi üçün sevinirdi. Üçüncü tərəfdən də Ayollonun cibindəki məktubu ələ gətirə bilmişdi. O, yatağından qalxıb lampanı yandırdı, Ayollodan götürdüyü məktubu oxumağa başladı. «Möhtərəm cənab! Cəbhədəki təşviqat gözəl nəticələr verir, ordu hissələrindən bəzisi həqiqəti anlamaqdadır. Dünən, taborlardan biri, Türkiyə hücumunun qarşısını almaqdan boyun qaçırtdı və nəticədə də 60 nəfər qızıl əskər tələf oldu. Müharibədən boyun qaçıran saldatların nümayəndələri baş komandanlığa belə bir məruzə ilə gəlmişdir: «Zaqafqaziyada gedən müharibələr milli xarakterdə olduğundan, biz onda iştirak etmək istəmirik». Hörmətli cənab! Ümid edirəm ki, yaxında bütün ordu hissələri bu həqiqəti anlayacaq və bolşeviklərin qansız və mübarizəsiz hökumət başından çəkilməsinə və ingilislərin Bakıya gəlməsinə imkan yaradacaqdır». Raya Leyladan oğurladığı Yerevan məktubunu da buna əlavə ilə Şaumyana vermək üçün, zərfə qoyub qapadı. * * * IX. Sui-qəsdin ifşa edilməsi Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı. Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi. Şaumyan xitabət kürsüsünə yaxınlaşdı. Oturanlar bir dəfə özünü düzəltmək istərkən bir anda stulların çırhaçırı eşidildi. Şaumyan, menşevik və eserlər üçün ölüm zərbəsi olan iclası bu sözlərlə açdı: – Mən Bakıda Sovet hökuməti əleyhinə düzəldilmiş bir sui-qəsd barəsində sizə məlumat vermək istəyirəm. Şaumyanın ilk sözündən sonra, salonda elə bir sükut başladı ki, deyəsən oturanlar nəfəs belə çəkmirdilər. Şaumyan sözünə davam edərək dedi: – Sovet hökumətinə qarşı düzəldilmiş sui-qəsdin məqsədi hökumət başında duran Şaumyanı həbs etmək, hazırkı soveti dağıdıb eserlərin, menşeviklərin və sağ daşnaqların sovetini təşkil etməkdən ibarət imiş. Sui-qəsdin nəticəsində düzələcək yeni hökumətin başında, hazırda mərkəzi həbsxanada əyləşən cənab oturmalı idi. Şaumyanın bu cümləsindən sonra iclas salonunun vəziyyəti nəzərləri cəlb edəcək bir surətdə dəyişdi, İvanovun həbs edilməsi səbəblərini açan bu cümlə, eserlər arasında rahatsızlığa səbəb oldu. Menşeviklərlə, eserlər göz vurub danışırdılar. Raya da narahat idi, qız ara-sıra oğurluqca menşevik və eserlərin üzünə baxır və özündən şübhə edib-etməmələrini yoxlayırdı. Şaumyan yenə də iclas salonundakılara müraciətlə: – Bu sui-qəsd çox sadəcə düzəldilmişdi,—dedi,—iyun ayının 12-də bulvarda miting çağırılmışdı. Mitingdə, hər 300 nəfər işçi, bəhriyyəçi və qızıl əskərdən bir nəfər nümayəndə iştirak etməli imiş. Mitingdə iştirak etmək üçün cəbhəçilərlə bərabər «Ərdəhan» gəmisində olanlar da dəvət edilmişdi. «Ərdəhan» gəmisi bulvarın qarşısında lənkər salıb duracaq və yeni hökumətə silahlı yardım edəcəkdi. Hökumətin başında eser partiyası üzvü İvanovun durmaq istədiyi məlumdur. İclasda iştirak edən eserlərin həyəcanını görərkən Şaumyan aşağıdakı cümlələri söyləməklə sakitliyə səbəb oldu. Məlum oldu ki, sui-qəsdin başında İvanovdan əlavə başqaları da varmış. «Ərdəhan» gəmisinin mexaniki Krıçenko da yeni düzələcək hökumətə öz namizədliyini qoymuşdu. Sui-qəsddə yalnız mənim həbs edilməyim nəzərə alınmışdı. Sui-qəsdçilər məndən başqa, hökumət üzvlərinin hamısına qarşı mərhəmətlə davranmağı nəzərdə tutmuş və onları öz mövqelərində qoymağı qərara almışdılar. Düzələcək yeni hökumətin başında diktatura vəkalətinə malik iki nəfər duracağdı. Bunlar hər bir qərarı çıxarmaqdan ötrü, müvəqqəti iclası toplamaq üçün «Ərdəhan» gəmisinin 335 nömrəli təliqəsi ilə böyük zavodlara və hərbi hissələrə üç yüzə qədər dəvətnamə göndərmişdilər... Şaumyan dediyi sözlərini sənədlərlə sübut etmək üçün portfelindən bir iş qoluğu çıxartdı və oradan bir dəstə sənəd çıxarıb oxumağa başladı. Dəvətnamə Xəzər donanmasının ümumi iclası, işçi və çəbhəçi yoldaşlardan rica edir ki, hər üç yüz yoldaşdan bir və hər bir hərbi hissədən və ya hər bir topçu batareyasından bir nəfər nümayəndə intixab edib mitinqə göndərsinlər. Mitinq köhnə hesabla mayın otuzunda, çaharşənbə günü, gündüz saat 10-da dəniz kənarında, bulvarda çağırılmışdır. Sədr—Anikin. Katib—İqnatyev». Şaumyan bu sənədi oxuduqdan sonra, əlavə etdi: – Məlum olduğuna görə yerlərə göndərilmiş dəvətnamələrin hamısı saxta dəvətnamələr imiş, çünki Xəzər dənizçilərinin heç bir iclası olmamışdı. Bu məsələdən, «Ərdəhan» hərbi gəmisinin mexaniki Kırçenkodan başqa heç kəsin xəbəri yox imiş, sədr və katibin imzaları da qayırma və uydurma imzalardır. Şaumyan bütün sənədləri elan etdikdən sonra iş qoluğundan bir sənəd də çıxartdı. O, bir əmrnamədən ibarət idi. Əmrnamə «Hər necə olursa-olsun, Stepan Şaumyanın həbs edilməsini əmr edirəm. Xarici işləri və müvəqqəti hərbi komissarı..». Şaumyan vaxt ikən özünə qarşı hazırlanmış bu əmrnaməni imzalayanları söyləmədi, çünki sui-qəsd hazırlayanlar və hökumət qurmaq arzusunda olan macəraçılar, hələlik hökumət üzvlərinin hamısını təyin etməmişdilər. Bu sənədləri elan etdikdən sonra, Şaumyan iş qoluğundan daha bir neçə sənəd çıxartdı. Bunlar, Qafqaz Qızıl Ordusu və çəbhəçilər komitəsi sədrinə verilən əmrnamələr və Bakı xalqına buraxılacaq müraciətnamələrin surətlərindən ibarət idi. Şaumyanın oxuduğu və elan etdiyi sənədlərdən ən əhəmiyyətlisi, sui-qəsdçilərin ingilis konsuluna yazdığı məktub idi. Məktubda sui-qəsdçilərin İngiltərə imperializminə nə qədər məhəbbət bəslədiyi və İngiltərə himayəsinə girib Azərbaycan işçi və kəndlilərini satmaq istədikləri tamamilə aydınlaşdı. Şaumyan sözünü bitirdikdən və xitabət kürsüsündən düşdükdən sonra belə, bir çoxları hətta iclasın bitdiyindən xəbərsiz, yerində donub qalmışdı. Leyla, Raya, Sadovski, Ayollo və Məlik-Elçiyan yanyana oturmuşdular. Onlar iclas salonundan çıxdıqda, Leyla özünü pis hiss edirdi. Leyla İvanovun həbs edilməsində, sui-qəsdin kəşf olunmasında Rayanı müqəssir sayırdı. Leyla nə qədər sakit olmağa və düşündüklərini Rayaya hiss etdirməməyə çalışdısa da, bacarmadı. O, eşiyə çıxan zaman, Rayaya yanaşaraq: – Şaumyan yaxşımı danışdı?—deyə soruşdu. Raya heç düşünmədən: – İş yalnız danışmaqda deyil, danışıqları eşidən qulaqlardadır,— dedi. Bu sözdən sonra heç kəs danışmadı. Ancaq Ayollo Leylanın qulağına yavaşdan dedi: – Yadınızdadırmı sizdəki ziyafətdə mənə bir məktub gətirdilər!.. Leyla dedi: – Yadımdadır. Onu mənə oxumağı vəd etdiyinizi unutdunuz, mənə oxumadınız. – Sizin canınız üçün mən haman məktubu sizdə itirdim. Leyla bir az düşünərək: – Təsadüf etməmişəm!—dedi. Yenə də Rayadan şübhələnməyə başladı. Lakin şübhələrini kimsəyə aça bilmirdi. Çünki özünə qarşı da şübhə oyanacağından qorxurdu. * * * X. Məktublar Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi. Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi. Leyla xanım Yerevandan daşnaq partiyası rəhbərlərindən Bakı daşnaqlarına yazılmış məktubu Esterin stolu üzərindən götürdüyü zaman, iki böyük müvəffəqiyyət əldə etdiyini düşünmüşdü. Ester xanım haman məktubu öz sevgilisi Vahana göndərmək üçün atasının iş qoluğundan oğurlamışdı. Leyla xanım bu məktubu götürməklə Türkiyə ərkani-hərbinə böyük bir xidmət etmiş olurdu. Çünki bu məktub, daşnaq siyasətində Türkiyə nəfinə olan dəyişmə münasibətilə yazılmışdı. Lakin Rayanın haman məktubu Leylanın redikulundan götürdüyü və yerinə ağ kağız buraxdığı Leylanın ümidlərini puça çıxartdı, müvəffəqiyyət əvəzində, bu gün gələn məktubda ərkani-hərb ağır məzəmmətlər yağdırırdı. «...Göndərdiyiniz məktubun mənasını anlamadıq. Yazılmamış bir parça kağız göndərməkdən nə kimi bir məqsəd təqib etdiyinizi bilmədik. Stolunuzun üzərini axtarın, bəlkə məktubun əvəzində yazılmamış bir kağız göndərmisiniz. Bu hadisədən görünür ki, sizin ətrafınızda gizli əllər işləyir. Diqqətli olmalı və düşünməlisiniz...» Bu məktubu oxuduqdan sonra Leyla acıqlandı və hönkür-hönkür ağladı. Öz-özünə dedi: «Bu heç kəsin işi deyil. Mənim başıma bu fəlakəti açan Rayadır. O avam, hətta sevgi nə olduğunu bilməyən erməni qızı da yalandan üzümə gülür. O da, Raya da bolşeviklərin xeyrinə çalışan qızlardır. Raya mənim bütün zəhmətlərimi puça çıxartdı. Bolşevik tapşırığı ilə çalışan bu qız, məndən istifadə edir. Onu cəzalandıracağam. İşıqlı dünya üzünə həsrət qoyacağam. Mən hər şeyi itirdim, Rayanı itirmək mənim üçün o qədər də kədərli olmaz». Leyla xanım qismən özünü toplaya bildi. O, ilk zərbənin nəticəsində, ikinci məktubu tamamilə unutmuşdu. Nəhayət, xəstələr kimi əlini zəifcə uzadıb hacının məktubunu götürdü, açdı: «Əziz və möhtərəm qızım Leyla! Bu kəlmələr mənim qəlbimdən çıxır. Çünki «əziz və möhtərəm qızım Leyla!» sözlərini hər gün təkrar-təkrar dilimə gətirirəm. Mənim qızım da Leyladır. Buna görə də mən öz yanımda iki Leylanı birlikdə görmək istərdim. Əvvəlcə elə düşünürdüm ki, siz də, Bakıya gələn möhtərəm müsafirlər kimi gəlib millət babasının evində mənzil edəcəksiniz. Lakin nədənsə siz hacı ilə maraqlanmadınız. Zənn edirəm ki, siz bu səhvi düzəltmək üçün milyonlarını türk xalqı yolunda sərf etmiş olan hacını ziyarət edəcəksiniz. Mənim hər kəsin üzünə açıq olan evimi qoyub oteldə mənzil etmənizə heç məna verə bilmirəm. Siz hazırkı vəziyyəti çox gözəl bilirsiniz. Özünüz də millətimizin namusunu müdafiə yolunda çalışırsınız. Bunu mən eşitmişəm. Allah sənin kimilərini daha çox eləsin. Sizin barənizdə cənab Ağabala Quliyev mənə danışmışdır. Mən onun dediklərinə tamamilə inanıram. Buna görə də yığışıb bizim evə gəlmənizi məsləhət görürəm. Ailəmiz Mərdəkandadır. Oranın havası da çox safdır. Bağlıq-bağçalıq yerdir, köçüb orada da qala bilərsiniz. Hacı Zeynalabdin Tağıyev. 15 iyul, 1918-ci il». Hacının məktubu Leyla xanımı razı saldı. O, hacının dəvətini qəbul etdi və məktuba cavab yazdı. «Hacı babam! Millətin iftixarı olduğunuzu bilməmiş deyiləm. Cənab haqq sizi millətimizə çox görməsin. Hacı baba! Mən müsəlmanlarla çox az görüşürəm. Ətrafımızdakılar müxtəlif partiyalara mənsubdurlar. Bir türk qızı olduğum üçün daima müxtəlif din və əqidə daşıyanlarda özümə qarşı şübhə oyatmaq istəmirdim. Hazırda siyasi hadisələr biri digərini təqib edir. Qarşımızdakı mühüm vəzifələri beş-üç nəfərlə ifa etmək və millətin siyasi və milli tələbatına cavab vermək mümkün deyildir. Buna görə də mühüm məsələlərdə sizin kimi zatların məsləhət və köməyi lazımdır. Bunu nəzərə alaraq cənab Ağabala vasitəsilə bəzi məsələlər üçün sizə müraciət etmişdim. Görünür ki, sizin «müsavat» partiyası haqqındakı mənfi fikirləriniz dəyişməmişdir. Hacı baba! Yalnız siz deyil, bütün siyasi işlərdən xəbərdar olan şəxslər bilir ki, «müsavat» partiyası nə indi, nə gələcəkdə müstəqil bir hökumət təşkilinə nail ola bilməyəcəkdir. Hacı baba! Bəlkə siz də müsavatçıların müstəqil hökumət qurmağa müqtədir olduqları haqqındakı iddialarına inanırsınız. Lakin sizi əmin edirəm ki, müsavatçılar bu gün Türkiyə hökuməti himayəsindən məhrum olsalar, sabah ingilislərin pəncəsinə keçəcəklər. Bunları nəzərə alaraq «müsavat» partiyasının kütlə arasında müvəqqəti nüfuzundan istifadə etməklə, bolşeviklərə qarşı aparılan mübarizəni axıra qədər davam etdirməlisiniz. Mən zənn edirəm ki, Almaniya imperiyasına arxalanmış osmanlı imperatorluğu bolşeviklərə qarşı qəti mübarizə ilə Bakını ələ keçirməyə çalışacaqdır. Hacı baba! Xəzər dənizi sahillərinə gələn türk ordusunun qələbəsini təminə çalışmaq lazımdır. Əlbəttə, bu yolda sizin yardımınızın böyük əhəmiyyəti vardır. Hacı baba! Yuxarıda yazdıqlarımı həyata keçirmək və bu barədə sizin əsas fikrinizi bilmək üçün dəvətinizi qəbul edirəm. Hörmətli əllərinizdən öpürəm. Leyla. 15 iyul». Leyla xanım hacıya yazdığı məktubu bağladı, üstünü yazdı. Hacının evinə telefonla xəbər verdi ki, məktubu aparmaq üçün adam göndərsinlər. Sonra da Ağabala Quliyevi telefona çağıraraq danışmağa başladı. – Bu gün hacı cənablarının evinə köçəcəyəm. «Metropol»da işləmək imkanı yoxdur. Ətrafımda olanlardan şübhələnirəm. Mənimlə bərabər Bakıya gələn rus qızının bolşevik nəfinə işlədiyini hiss edirəm. O mənim işləməyimə imkan vermir. Ordumuz Bakıya gələnə qədər onu həbs etməliyik. Mənim xüsusi təbibim Yusifidisin də bizim üçün bir əhəmiyyəti qalmamışdır. O, İranda ikən bizim üçün əlverişli idi. Burada isə mənim üçün bir əngəl olmuşdur; o mənim menşevik, eser rəhbərləri ilə olan işlərimə əngəl törədir. Axşam cənab hacının evində görüşər və danışarıq, hələlik... Leyla dəstəyi yenicə asmışdı ki, Raya içəri girdi, Leyla onu şad bir çöhrə ilə qarşıladı və dedi: – Raya bu gün hacının evinə köçürəm. Səni də aparmaq xəyalındayam, oteldə yaşamaq o qədər münasib deyildir. Raya: – Sizin köçməyinizə mane deyiləm, lakin mən miralay Tiq-Çonsonun razılığını almadan heç bir yerə hərəkət edə bilmərəm,—dedi. Leyla dedi: – Mən bu axşam ora köçəcəyəm, heç olmasa məni müşayiət ediniz. Raya cavab verdi: – Xeyr! Bu gecə heç yerə gedə bilməyəcəyəm. Bu gün Şaumyanın dövlət quruluşu haqqındakı çıxışını dinləmək üçün gedəcəyəm. Leyla qaşlarını çataraq dedi: – Raya, bizim ikimiz də dəyişmişik, ancaq kimin hansı tərəfə dəyişdiyi aydın deyildir. * * * XI. Hacının bağında Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi. Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi. Leyla xanım səhər saat səkkizdə doktor Yusifidislə bərabər faytona oturub Mərdəkana yola düşdü. Onlar Telefonnı küçənin axırına çatanda Sadovski də faytonla keçməkdə idi. Sadovski faytonu saxlatdırıb Leyla xanımın faytonuna yanaşdı. Əvvəlcə onun əlini öpdü, sonra doktor Yusifidisin əlini sıxdı. Doktor Yusifidis Sadovskinin əlini bir tanış və bir dost olaraq yox, bir düşmən olaraq sıxdı. Onun qəlbindən barmaqlarına axan qısqanclığı Sadovski hiss etdi. Hiss etdisə də özünü bilməməzliyə vurdu. Leyla xanım doktor Yusifidisin haldan çıxdığını hiss etdiyi üçün Sadovskini çox saxlamadı. Mərdəkan səyahəti haqqındakı məqsədini qısaca söyləyərək vidalaşdı. Leyla xanım və doktor Yusifidis bir-biri ilə danışmaq istəmirdilər. Fayton Keşlə qəbiristanı yanından keçərkən, qəbiristanda camaat yığılmışdı. Bir nəfərin dəfn mərasimində molla ölünü səsləyərək deyirdi: – Ey allahın bəndəsi və allah bəndəsinin qızı, bu gün sənin dünyada son günündür və axirətə köçdüyünün əvvəlinci günüdür. Doktor Yusifidis bu vəziyyəti gördükdən sonra Leyla xanıma eşitdirmək üçün: – Hərkəs təmiz bir namusla torpağa tapşırılırsa allahın rəhmətinə nail olsun,—dedi. Leyla acı bir gülüşlə ona baxaraq: – Nə siz namusun nədən ibarət olduğunu anladınız, nə də mən sizin tələbinizi təyin edə bildim,—dedikdə, doktor dedi: – Siz hər şeyi bilirsiniz, mən də hər şeyi anlayıram. Anlamadığımız bir şey varsa, o da bir-birimizi anlamamaqdır. Mən vaxtilə sizi lazımınca anlayanda sizə həddən artıq sərbəstlik verməmiş olsaydım bu gün siz şəhvətpərəstlərin ruhunu oxşayan əyləncə aləti kəsilməzdiniz. Hüququnuz dairəsindən kənara çıxmazdınız. Siz özünüzü bir kişi kimi aparmaqda bir müvəffəqiyyət qazansanız belə, siz qadınsınız. Qadınlığa məxsus adət və xüsusiyyətləri mühafizə etməlisiniz. Çünki siz özünüzü kişi kimi aparmağı bacarır, danışıq və hərəkətdə onları təqlid edə bilərsiniz, lakin kişilərin sizə nə məqsədlə yanaşdıqlarını anlaya bilmirsiniz. Siz mühüm bir işi buraxmamalısınız, bu iş isə namusdan ibarətdir. Mən elə düşünürdüm ki, siz birlikdə çalışmağa imkan yaradacaqsınız. Lakin mənim sükutum uyğunsuz vəziyyəti daha da dərinləşdirdi. Buna görə də mən sözü açıq söyləməyə və sizi bu əyri yoldan qaytarmaqla namussuzluğun qarşısını almağa qərar verdim. Hər halda bu nöqsanları yox etmək lazımdır. Leyla xanımın sükutundan, doktor öz iddiasında haqlı olduğuna inandı. O davam etdi. Deyilə bilməyəcək sözləri deməyə cəsarət elədi. Leyla soruşdu: – De görüm, mən nə kimi bir namussuzluğa yol vermişəm? Nə üçün bunu mənə vaxtında demədin? Doktor dedi: – Bütün qüsur məndədir. Mədən dairəsinə gedəndə Sadovski sizin başınızı qolları arasına aldığı vaxt, mən dözməməli, bir güllə sizə, bir güllə də özümə vurub hər şeyi bitirməli idim. Leyla xanım nədənsə bu gün olduqca soyuqqanlılıq edirdi. O yenə də: – Sən hissiyata qapılma,—dedi.—Məni gözəlcəsinə tanımalısan. Nə Sadovski, nə də başqaları cəsarət edib mənim boynumu qucaqlaya bilməz. Sən bilməlisən ki, mən heç kəsə bu haqqı verməmişəm. Bunu səninlə olan münasibətimdə də imtahan edə bilərsən. Sadovskinin boynumu qucaqlaması məsələsi belə olmuşdur. Biz mədən dairəsinə gedəndə şiddətli külək var idi. Özün gördün külək mənim baş ötrüyümü atmaq istədikdə, o mənim başımı tutdu və örtüyü küləkdən saxladı. Belə fürsətləri müvəffəqiyyət sayıb fəxr etmək, bir Sadovskidə deyil, bütün kişilərdə ola bilən haldır. Sən bilməlisən ki, mənim Sadovskiyə olan işvələrim tamamilə vəzifəmizin ifası üçündür. Mən bununla həm vəzifəyə yardım edirəm, həm də o axmaq kişiyə gülürəm. Bəzi kişilər var ki, onların şəhvət duyğuları bütün varlığına, hətta əqidəsinə belə hakimdir. Bizim ətrafımızda olan menşevik, eser və daşnaq rəhbərlərinin hamısı gələcəkdə qurmaq istədikləri hökumətin xəyali nəşələri ilə sərxoşdurlar. Onlar nə edəcəklərini və kimlərlə oturub durmaq lazım olduğunu bilsəydilər, bizə yaxın düşərdilərmi? Hətta bizi bir gün də Bakıda sərbəst qoyardılarmı? Biz ancaq onların yaratdığı imkan nəticəsində bolşeviklərə qarşı işləmirikmi? Doktor bu fikirlərlə razılaşa bilmirdi. O, öz vəzifəsini yüksək tutsa da Leylanı ağıllı, vüqarlı bir qız tanısa da qısqanclığın iti dırnaqları onun qəlbini parçalayırdı. Onun düşüncəsinə sevgi hakim idi. Leyla və Sadovskini unuda bilmirdi. Xəyalında Sadovskinin Leyla ilə bir süfrədə oturduğunu, bəzən onun saçlarını oxşadığını, qoluna girdiyini, Leylanın ağ və incə əllərini dodaqlarında saxladığını, gözlərini qırpmadan Leylaya baxdığını, onun əndamını, döşlərini, saçlarını və bütün gözəlliklərini süzdüyünü görür, əsəbiləşir və qısqanırdı. Doktor bu təsirlə dedi: – Yox, belə deyil! Nə olur-olsun, nə deyirsən de, Sadovskilərin səndən etdiyi istifadə, bizim onlardan etdiyimiz istifadədən daha böyük və qiymətlidir. O, ölənə qədər öz süfrəsində Leyla kimi bir qızı əyləşdirə bilməz. O, buna layiq də deyildir. Sizin Sadovski ilə sıxı əlaqəniz davam etdikcə, mənim ömrüm qısalır, çünki onunla keçirdiyiniz bütün günlər, mənim ömrümdən, mənim həyatımdan oğurlanır. Mən sizin vədlərinizə inanıram. Altı aydır ki, o vədə görə bir çox uyğunsuzluqlara dözürəm. Leyla xanım yenə də onun hiddət və şiddətini soyutmaq istədi və olduqca mülayim bir surətdə dedi: – Əzizim, mənim dostum, bir qızın səmimi vədi ilə altı ay yaşayan adam, bir neçə gün artıq dözə bilməzmi? Sən bilirsən ki, ordumuz Bakı qapılarındadır? Sən bilirsən ki, bolşevik hökuməti yıxılacaqdır. Sən görürsən ki, menşevik, daşnaq, eser rəhbərləri bizi xoşbəxt eləməyə çalışırlar? Odur ki, sən qətiyyən qısqanmamalı və işlərin gedişinə mane olmamalısan. Sənə verdiyim vədi müqəddəs sayıram. Mən səni əvvəlki kimi sevirəm. Bu sevgini hər addımda təzahür etdirmək üçün imkan yoxluğundan darılmamalısan. Leyla xanım bu sözlərdən sonra bir daha nazlanaraq doktorun əlini əlinə aldı: – Mən sizi sevirəm!—dedi.—Lakin siz də bu sevgiyə müsbət bir yekun vurmalısınız. Bu sözdən sonra doktorun varlığı dəyişdi, qəlbi kimi bütün vücudu titrədi və dedi: – Bütün tələblərinizi ödəməyə hazıram. Lakin siz, mənim ümid bağladığım və nəşəsi ilə yaşadığım bir sevginin ləkələnməsinə çalışmayın. İndi deyin görüm, nə kimi müsbət bir yekun deyirsiniz? – Biz Bakıya qədər nələr görmədik? Və nə çətinliklər çəkmədik. Xüsusən mənim başıma gələnlər böyük bir romanın materialı deyildirmi? Buna görə də mən istərdim ki, altı aylıq sərküzəştimi bir roman şəklində yazaydınız. Sizin qələminiz qüdrətlidir. Bizim həyat və sevgimizə xatirə olmaq üçün qiymətli bir roman yaza bilərsiniz. Həyatımız olduqca bədii və tarixi bir əhəmiyyətə malikdir. Yazılacaq roman müvəffəqiyyətli çıxarsa, mən sizi daha da artıq sevəcək və bu sevgini tamamlayacağam. Doktor tələsik soruşdu: – Bəs Bahardır xan?! Siz ona nişanlısınızmı? – Siz ona əhəmiyyət verməyin! Bahadır xan da Sadovski və başqaları ilə bərabər mənim romanımın mənfi tiplərindən birisidir. Doktor əllərini ovuşduraraq: – Zənn edirəm ki, mən haman romanı ikicə ayda yaza biləcəyəm. – Yox! Mən iki ayda yazılan romanları sevmirəm. Tələsik yazılan əsərlərin bədii qiyməti də az olur. Fayton Mərdəkanın tozlu və qumlu küçələrindən keçirdi. Bağları özü üçün cənnətə çevirən Bakı burjuaziyası, keçmiş daşlıq və qumluq küçələrin qeydinə qalmamışdı; çünki bu küçələrdən başqaları keçirdi. Faytonun və kəndli arabalarının çarxlarından qalxan toz dalğaları iyul günəşinin qarşısına qalın pərdə çəkmişdi. Budaqları daş divarlar üzərinə sallanmış ağacların yarpaqları da yüz yaşlı bir qocanın saçları qədər bozarmışdı. Küçələr olduqca gələbəlikdi. Öz mənafeləri üçün düzəltdikləri milli müharibədə məğlub olan Bakı zənkinləri, hələlik burjuaziyanın iç üzünü anlamayan və onların bolşeviklərə qarşı mübarizəsinin mündərəcəsini lazımınca dərk etməyən adamları da öz arxasına salıb Bakı bağlarına çəkmişdi. Faytonu qarşılayan və ipəklərə bürünmüş burjuaziya qadınlarının ağ donları, Abşeron küləkləri ilə yellənirdi. Sanki Leyla xanımın faytonu gedən toz təbəqələri içərisində ağ qanadlı quşlar uçuşurdu. Qadınlar artırdı. Qadın dəstələri içərisində zənginliyi ilə seçilən burjuaziya qadınları gözə çarpdığı kimi, müsavatçıların, daşnaqların yaratdığı mart hadisəsi nəticəsində dilənçi kökünə düşmüş qadınlar da görünürdü. Fayton, yüzlərcə qadınların alqışları içərisində «millət babası»nın bağına doğru sürünürdü. Bəzi qadınların barmaqlarında günəşə qarşı nümayiş edən böyük brilyantlar parlayırdı, aylar uzunu aclıq çəkən barmaqların köy damarları da burjuaziya xəyanətinin nəticələrini nümayiş etdirirdi. Bağın böyük qapısı açıldı. Leyla xanım ətrafında rəngbərəng çiçəklər əkilmiş xiyabanlar ilə irəlilədi. Leyla xanımın paltarı tozlanmışdı, buna görə də o, əvvəlcə paltarını dəyişmək və tualetini düzəltmək istəyirdi. O, «millət babası»nın qızı Leyla ilə binanın qadınlar bölməsinə keçdi. Leyla xanım tualetini düzəltdikdən sonra qonaq otağına keçərək xanımlarla tanış oldu. Onlarla bərabər çay içib səhər yeməyini yedikdən sonra, hacının yanına getdi. Bakı zənkinləri və Bakı mollaları həmin salonda toplanmışdı. Hər lider, özünün mənsub olduğu partiyanın əqidəsi uğrunda uzun nitq söyləyirdi. Nahardan sonra Leyla xanımla hacı cənabları balkonda kiçik stol ətrafında oturub, xüsusi söhbət edirdilər. Leyla nə qədər çalışırsa hacını türklərin qələbəsinə və Bakını əldə saxlaya biləcəklərinə inandıra bilmirdi. Nəhayət, Leyla əlini uzadaraq redikulundan kiçik bir kağız çıxarıb hacıya göstərdi və dedi: – Bu Vəhib paşanın telegramının surətidir. Məsələ həll edilmişdir. Zaqafqaziya məsələsi Berlin—İstambul arasında həll olunmuş bir məsələdir. Hacı cənabları ancaq məsələnin tez bir surətdə başa gəlməsi uğrunda çalışmalı və öz nüfuzu ilə ordumuzun müvəffəqiyyətinə səy etməlidir. Bu vaxt hacının qızı Leyla da balkona çıxdı. Hacı isə adəti üzrə xırda və düşüncəli gözlərini balkonun tavanına çevirərək: – Mən iki Leylanın canına and içirəm ki,—dedi,—həqiqi müsəlmanam. «Müsavat» partiyasının irəli getməsinə tərəfdaram. Gözlərimin xırdalığına baxma, uzağı da görə bilərəm. Mən bolşeviklər əleyhinə olan hər bir qüvvəyə tərəfdaram. Siz «müsavat» partiyasına çox ümidverici fikirlə baxırsınız. Buna haqlısınız. Çünki siz, müsavatçıların kimlərdən ibarət olduğunu bilmirsiniz, lakin mən onları beş barmağım kimi tanıyıram. Onlardan heç bir şey çıxmaz. Onlar ümidli adam olsaydılar mən öz milyonlarımı gülə-gülə bu yolda xərclərdim. Bolşeviklər müsəlmanların dininə və varlıların dövlətinə toxunmasaydı, xüsusi mülkiyyəti tanısaydı, torpaqlara, banklara əl vurmasaydı, mən bütün müsəlmanların bolşevik olmasını məsləhət görərdim. Çünki müsəlmanlar dalda qalmış camaatdır. Lakin buna yuxarıdakı səbəblərə görə bolşeviklərə tərəf durmaq olmaz. Müsavatçıları o zaman sevəcəyəm ki, Azərbaycanı diriltmək üçün böyük və qüvvətli bir dövlətə arxalanmış olsunlar. Leyla hacıdan icazə alaraq danışdı: – Əcəba, müsavatçılar, osmanlı imperatorluğunun himayəsinə girmək üçün ordumuzla əlbir işləmirlərmi? Bu himayə sizin üçün kafi deyildirmi? Hacı dedi: – Bir şərt var! Mən Almaniyanın qalib gələcəyinə inansaydım, osmanlı himayəsinin bizim üçün kifayət olduğunu təsdiq edərdim. Qızım, sən bilirsən ki, Bakı milyonerlər şəhəridir. Burada on minlərçə işçi vardır. Onlar təşkil olunur. Rusiya—işçiləri ilə əlaqəyə girişirlər. Əski Rusiya daha yoxdur. Ola da bilməz. Siz bunu bütün tanışlarınıza deyə bilərsiniz. Siz o tərəf-bu tərəfə baş qaldıran çar generallarının bir iş görə biləcəyinə də inanmayın! Nikolay kimi padşahı vurub yıxanlar, onun generallarını da yıxacaqlar. Sizin bolşeviklərə qarşı çıxa biləcək qüdrətiniz varsa, hacı öz malından keçməyə hazırdır. Leyla hacıya bir sual da verdi: – Bolşevikləri məhv edə biləcək ikinci bir qüvvə vardırmı? – Nə üçün yoxdur? İngilislər, firənglər qüvvətlidir! – Bəs Almanlar? – Almanlara ümid bağlaya bilmərəm. Onların qüvvəti olsaydı, Ərəbistanı, Bağdadı və sair yerləri əldən verməzdilər. Leyla çox gözəl bilirdi ki, hacı öz milyonlarının qeydinə qalır və Bakı sərvətini bolşeviklərdən müdafiə üçün qüvvətli bir dövlətin himayəsində olmaq istəyir. Leyla son sözündə bu məsələləri hacıya xatırladaraq dedi: – Hacı baba bilməlidir ki, ingilislərin Zaqafqaziyaya gəlməsi erməni-müsəlman məsələsini bir daha gərkinləşdirəcək, ingilislər həmişə olduğu kimi yenə də ermənilərə tərəf duracaqlar. Hacı nəzərini qarşıdakı stoldan ayırmayaraq düşündü. O, Leylaya qəti bir söz deyə bilməyəcəkdi. Çünki Leylaya inanmırdı. Hacı bir əli ingilislərin, bir əli osmanlıların ətəyində olan bu qıza ingilis casusu kimi baxmamağı bacarmırdı. Axşam saat beşdə Leyla xanım və doktor Yusifidis hacı ilə vidalaşdılar; onlar Ağabala Quliyev və Abdullayevin müşayiəti ilə faytona oturub yola düşdülər. Çünki əziz qonaqlar axşam çayını Ağabala Quliyevin bağında içəcəkdilər. Çay ziyafətində iştirak edənlərin hamısı «müsavat» partiyasına mənsub qoçulardan, milli müharibələrlə Bakı əməkçilərini qan göllərində boğan, nəhayət tülkü kimi Mərdəkan bağlarında gizlənən canilərdən, burjuaziya nökərlərindən ibarət idilər. Leyla çay stoluna oturmazdan əvvəl Ağabala Quliyevlə bərabər doktor Yusifidisin qolundan tutub bağa endi. Leyla doktora müraciətlə dedi: – Əziz dostum, bu çiçəkliklər və meyvəliklər sənin xoşuna gəlirmi? Doktor cavab verib: – Doğrudan da dünya cənnətdir. Leyla dedi: – İnsanda bədii zövq oyanır, şairanə xəyallara düşürsən. Doğrudan da bura roman, həm də tarixi və bədii bir roman yaratmalı bağdır. Yaşamalı və həyat keçirməli yerdir. Söhbətlərin hamısı bu məzmunda idi. Onlar bir saatdan artıq bağda dolaşdılar. Sonra balkona, çay içməyə çıxdılar. Çay ziyafəti saat yeddidə bitdi, hamı vidalaşıb getdi, stolun başında doktor, Leyla xanım, Ağabala Quliyev və Abdullayev qaldı. Leyla xanım, heç utanmadan altı aydan bəri bir vəzifədə çalışan doktor Yusifidisə müraciətlə: – Əziz dostum!—dedi.—Axşamdır. Mən şəhərə qayıtmalıyam. Ancaq namus və vəzifə namına bir ricam var. Doktor dedi: – Buyurun! Hər nə əmriniz olsa məmnuniyyətlə ifa edərəm. Bu sözdən sonra Leyla xanım Ağabala Quliyevə müraciətlə: – Cənab Ağabala! Qələm, kağız və mürəkkəb lazımdır!—dedi. Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. Doktor nə olacağından və Leylanın nə istədiyindən xəbərdar deyildi. Sakit oturub böyük bir həyəcanla dinləyirdi. Leyla kağızı doktor Yusifidisin qarşısına qoydu və qələmi mürəkkəbə batırıb doktora verdi və dedi: – Yazın! Vəzifədən qaçmaq yaramaz, zəmanəmiz mühüm bir zamandır. Nə deyirəmsə, onu yazın! Doktor qələmi kağız üzərində saxlayaraq Leylanın ağzından çıxacaq sözü aramsız gözlədi. «Metropol» oteli müdirinə! Əfəndim, mən iki ay müddətinə İrana ailəmlə görüşə getməli oldum. Yaşadığım nömrənin ixtiyarını özümdə saxlamaq üçün iki aylıq otaq pulunu Leyla xanıma verdim. Doktor Yusifidis. Bakı, 25 iyul, 1918-ci il». Leyla yazılmış məktubu büküb redikuluna qoydu. Doktor Yusifidis çıxılmaz bir vəziyyətdə qalmışdı, o, başını tərpədərək dedi: – Leyla xanım, bu vəzifə yoldaşına qarşı çəkilməz bir həqarətdir. Məni həbsə almağın, ümumi iş üçün heç bir mənfəəti yoxdur. – Bu təşəbbüs, bizim səmimi yoldaşlığımızı mühafizə üçündür. Bundan əlavə, siz olduqca yorğunsunuz, heç şübhə yoxdur ki, cənab Ağabalanın yaylağında sizin istirahətiniz kamalınca təmin ediləcəkdir. Mənim özüm də hər həftə sizin ziyarətinizə gələcəyəm. Ağabala Quliyev əlavə etdi: – Ümid edirəm ki, cənab doktor, bizim müsahibəmizdən razı qalacaqdır. Xüsusən sizin burada olmanıza görə Leyla xanımın da ziyarətinə tez-tez nail ola biləcəyik. Bu sözlərdən sonra Leyla doktorun yanında oturaraq dedi: – Demək, mən sizə iki aylıq yay istirahəti verdim, siz də öz vədinizə əməl etməlisiniz, öhdənizə götürdüyünüz romanı yazmalısınız. Bu xidmətinizin mükafatı, sizin qiymətli arzunuzun həyata keçirilməsindən ibarət olacaqdır. Leyla bunu deyərək onun əlini sıxdı; o, otaqdan çıxarkən doktor bir daha: – Zənn edirəm ki, məni unutmayacaqsınız—dedi. * * * XII. Raya oğurlandı Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi. Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib: – Xanım, bir nəfər kazak sizi görmək üçün icazə istəyir,—dedi. Leylanın icazəsi ilə kazak içəri girdi. Leyla kazakı görən kimi tanıdı və onun qara bir xəbər gətirdiyini hiss etdi. Savlayevin xidmətçisi Andrey ona baş endirdi və danışmaq istərkən boğazı tutuldu və tərəddüd etdi. Nəhayət Leyla həyəcanlı halda ona müraciətlə: – Danış, Andrey!—dedi. Andrey ağlayaraq: – Xanım, ağa tərəfindən başınız sağ olsun,—dedi. Leyla «aman, nə olmuşdur?»—deyə qışqırdıqda, Andrey davam etdi: – Qəhrəman Savlayev artıq yoxdur, o türklərlə olan birinci müharibədə öldürüldü. Leyla şiddətlə ağladısa da Raya bundan o qədər də mütəəssir olmadı, çünki Raya Savlayevin məfkurəsini gözəlcə bilirdi. O, yenə də Leylaya təsəlli verərək dedi: – Ağlamaq artıqdır, çünki hərbiyəlilər üçün müharibədə ölmək bir şərəfdir. Savlayev cənabları öldürülsə də onun dünya müharibəsində göstərdiyi qəhrəmanlıq tarixdə yaşayacaqdır. Bu sözlər Leylaya təsir etmədi, o, Andreyə müraciətlə: – Bu faciənin nə cür baş verdiyini söylə görüm!—dedi. Andrey başını aşağı salaraq danışmağa başladı: – Biz iyul ayının birində, Ənzəlidən gəmilərə oturub ayın dördündə Alyat tərəfində kiçik bir limanda quruya çıxdıq. Cənab Biçeraxov dərhal cəbhə ilə danışdı. Bir neçə dəqiqədən sonra Kür çayı ətrafını almaq üçün düşmənin şiddətlə hücuma keçdiyi məlum oldu. Biz ayın beşində müharibəyə girişdik. Haman gün Bakı qoşununun bəzi hissələri çəkilməyə və cəbhəni tərk etməyə başlamışdı. Cənab Biçeraxov bizi dərhal hücum halına gətirdi. Biz Qızıl Ordu hissələrini təhkim etmək və çəkilən hissələrin yerini doldurmaq əmrini aldıq. Biz iyulun altısındakı müharibədə türkləri lazımi qədər döydük, geri çəkilməyə məcbur etməklə düşməni körpüdən uzaqlaşdırdıq. İyulun yeddisində səhər saat dörddə, cənab Biçeraxovdan bu məzmunda bir əmr aldıq: «Bir ingilis zirehli avtomobili ilə bir eskadron süvari kazak, Kür çayı körpüsünü keçəcək, türklərin harada və nə vəziyyətdə olduğunu öyrənəcəkdir». Körpünü keçəcək eskadronun komandası cənab Savlayevə tapşırılmışdı. Səhər saat beşdə artıq eskadronumuz körpüdə idi. Cənab Biçeraxovun özü də bizi körpüyə qədər ötürmüşdü. O, körpünün ətrafındakı möhkəm mövqeləri və orada yerləşən qüvvələri nəzərdən keçirdikdən sonra batalyon komandirini çağırıb belə bir əmr verdi: «Körpünün düşmənə verilməsi, Bakının verilməsi deməkdir, hər bir kiçik hadisəni qərarkaha xəbər verməlisiniz. Biləks körpünü o tərəfə keçən eskadronla gələcək işlərimizi də məhv etmiş olacağıq». Bu əmr verildikdən sonra cənab Biçeraxov Savlayev cənabları ilə vidalaşıb qayıtdı. Bizim eskadronumuz axşam saat dördə qədər kəşfiyyat apardısa da, türklərdən heç bir əlamət görə bilmədi. Lakin biz körpüyə qayıtmaq istədikdə xəritədə yanıldığımızı və kəşfiyyatda uduzduğumuzu bildik, bir dəqiqədən sonra düşməni arxada buraxıb getdiyimiz məlum oldu. Körpü düşmən əlinə keçmişdi, biz körpünü almaq və düşməni yarıb keçmək üçün müharibəyə girişdikdə, arxamızdan qüvvətli bir türk süvari dəstəsinin gəldiyini bildik. Zirehli avtomobil bizə heç bir yardım edə bilmirdi, çünki mövqe olduqca əngəlli idi. Güllə atılmırdı, qılınc müharibəsi idi. Biz qəhrəmançasına vuruşurduq. Lakin bir türk süvari zabitinin cənab Savlayevi öldürməsi bizim qol-qanadımızı qırdı, bunun üçün geri çəkilməyə başladıq. Eskadronumuzdan çox az adam qurtara bildi. Körpüyə yanaşmaq mümkün olmadığından tez kazaklar atlarını çaya salıb keçmək məcburiyyətində qaldı. Yaxşı ki, türklər zirehli avtomobili əsir almaq ilə məşğul olduğundan biz qaçıb qurtarmağa müvəffəq olduq. Cənab Biçeraxov bu ölümün əvəzedilməz bir itki olduğunu qeyd ilə təəssüflər etdi, ağanın əşyasını bizə göndərməyi əmr etdi. Raya çox oturduqdan sonra getmək istədisə də, Leyla «yalnızam» deyə onu buraxmadı. Raya gecə Leylanın evində qalacağını qət etdi. Redikulundakı məktubu cırıb atmağı və hər ehtimala qarşı ehtiyatlı olmağı qərara aldı. Çünki Leyla onu gözdən kənara buraxmırdı. Onun hər qədəmini izləyirdi. Zira Rayanın, öz redikulundakı məktubu götürüb öz qoynunda gizlətdiyini hiss etmişdi. Axşam saat on birdə şam yeməyini bir yerdə yedilər, Leyla qalxıb telefon qoyulan otağa getdi, Raya isə bu fürsətdən istifadə ilə Şaumyana yazdığı məktubu cırıb pəncərədən küçəyə atdı. Leyla qayıdıb gəldi, hələ Raya qarşısındakı çayı içib bitirməmişdi. İki nəfər naməlum adam içəri girdi. Rayanın rəngi qaçdı, o qeyri-adi bir hadisə olduğunu anladı. Leyla, Rayanın bu həyəcanını hiss edərək dedi: – Raya, qorxma! Sən ümumi işin gedişinə mane olduğun və gələcəkdə özünü təhlükə qarşısında qoymağa hazırlaşdığın üçün mən səni bir müddət üçün mənsub olduğun cəmiyyətdən ayırmağı qət etdim. Səninlə ayrılığımız, türklərin Bakını alan gününə qədər davam edəcəkdir. Bu müddətdə sən öz istədiyin kimi istirahət edəcəksən, çünki səndən ötrü hər bir şey hazırdır. Sonra yenə də sevgimiz və arqadaşlığımız davam edəcəkdir. İndi isə sən, qoynundakı kağızı çıxarıb stolun üzərinə qoymalısan, çünki o məktub mənə lazımdır. Raya məhzun bir gülüşlə: – Bağışlayın, məktubu cırıb pəncərədən küçəyə atmışam,—dedikdə Leyla onun üzünə düşüncəli və acıqlı nəzərlə baxaraq dedi: – Onunla özünü qurtara bilməzsən, mən onsuz da sənin nə cür işlədiyini bilirdim və bu gün sənin haqqında öz qəti qərarımı verirəm. Raya dedi: – Sən yolunu azmısan, üzərinə ən iyrənc ləkəli vəzifə götürmüsən. Əleyhinə çalışdığın kütlələr məhv olası, qırılıb qurtarası kütlə deyil! Sən gözəlsən, bacarıqlısan, lakin getdiyin yol olduqca çirkindir, iyrənçdir. Mənsə, dünyanın məzlumlarını müdafiə üçün mübarizə edənlərdənəm. Bu yol şərəfli yoldur. Leyla bu sözlərdən sonra otaqda o tərəf-bu tərəfə gəzinib yenə də oturdu. – Sənin İvanovla olan ikiüzlü sevgin yaman nəticə vermədi, böyük bir sui-qəsdin üstünü açmağa müvəffəq oldun. Mən bunu bilirdim, o zaman səni həbs etdirmək istəmədim. Çünki mənə yaxın olduğun üçün, mənim özümü də ləkələyə bilərdin. Səni müvəffəq çıxaran bu səbəb idi. Lakin sən mənim özümə də xəyanət etdin. Sən öz sevdiyin, iş yoldaşın Vladimirin fəlakətindən ibrət almadın. Onu güllələdilər. Sən də o günə düşə bilərsən, buna görə səni ayırmaq və bolşevik təhlükəsindən qurtarmaq istəyirəm. Nə qədər bolşeviklər var, səni azad buraxmayacağam. Yazıqsan, məhv olarsan. Leyla sözünü qurtardıqda Raya bir dəfə: – Mənə cəza verdir. Mənim öz təqsirimdir, çünki sənin bolşeviklər əleyhinə işlədiyini bildiyim halda susdum, məsələni açmadım, çünki mən səni sevirdim, mən sənin pis günlərində belə səndən ayrılmadım. Mən bolşeviklərin düşməninə rəhm etməklə bir xəyanət etdim. İndi hazıram, istədiyini edə bilərsən. Ancaq qadınlığın namusuna toxunulmasın. Leyla tələsik: – O barədə əmin ol,—dedi,—sən namuslu bir ailədə yaşayacaqsan. Elə bilmə ki, mən səni sevmirəm. Lakin Raya, sevgi başqa, siyasi iş başqadır. Mənim sənə olan sevgim heç də azalmamışdır, biz bir-birimizi öyrənmişik. Məndən inciməyə haqqın yoxdur, iş bunu tələb edir, ancaq mənim səndən bir ricam daha vardır. Raya dedi: – Hazıram. Leyla soyuqqanlılıqla dedi: – İndi sən Tiq-Çonsona bir məktub da yazmalısan. Leyla qələm və mürəkkəbi Rayanın qarşısına qoyaraq: – Yaz!—dedi. «Hörmətli Tiq-Çonson! Sənə olan səmimi hörmətimi və bu hörmət nəticəsində doğan sevgimi bilməmiş deyilsən. Mən bu sevginin nəticələrini düşünərkən daima narahat olurdum. Çünki nəticədə ya sizdən ayrılmağa, yaxud vətənim və ailəmdən ayrılaraq sizinlə bərabər getməyə məcbur olacaqdım. Mən bu barədə düşünərkən belə qərara gəldim. Möhkəm sevgi təlləri məni bağlamamışkən, iki qəlb bir-birinə qovuşmamışkən, sevgim məni əsir etməmişkən qaçıb qurtarmağı lazım bildim. Səninlə görüşmədən getməyimi də məzur tut. Çünki səninlə görüşəndə ayrılmaq istəmirəm. Nə isə taleyimiz belə işim. Bu gün, gecə saat bir qatarı ilə Şimali Qafqaza gedirəm. Hələlik salamat qal! İngiltərə missiyası Şimali Qafqaza gəlsə bu adresi soruş: «Mineralnı vod, dəmir yol stansiyasının yaxınında İvanovka adlı kazak kəndi. Sənin Rayan. 12 avqust, 1918-ci il». Leyla bu məktubu alıb redikuluna qoydu. Otel müdirinə də bir məktub yazdırdı. Çünki otel pulu vermək və Rayanın əşyasını oradan gətirmək lazım idi. Bir azdan sonra şeylər gətirildi. Leyla bir daha Raya xanıma müraciətlə: – Rica edirəm ki, özünü məhbus kimi hiss etməyəsən. İndi bu iki nəfərlə yeni mənzilinə gedə bilərsən. Leyla irəli yeriyib Rayanı öpmək istədikdə, Raya onu əli ilə rədd etdi, hacının evindən çıxdı. * * * XIII. Əminənin romanı Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü. Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi. Gecə saat ikinin yarısında fayton sürətini azaltdı, atlar dərindən köksünü ötürdü, fayton dayandı. Raya ancaq bu zaman öz qəlbinin çırpıntısını eşidə bildi. Faytonu iki nəfər orta yaşlı adam qarşıladı. Rayanın şeylərini faytondan götürüb üst mərtəbəyə qaldırarkən, bir nəfər gənc azərbaycanlı qızı da Rayanı başı ilə salamlayaraq qolundan tutub yuxarı apardı. Xidmətçi qız gözəl döşənmiş üç zəngin otağı Rayaya göstərərək rusca dedi: – Xanım, bu otaqlar sizin üçün hazırlanmışdır. Raya soyundu. Nazik ipək mantosunu çıxardığda xidmətçi qız alıb paltar şkafından asdı. Sonra Rayanın qolundan tutub otaqları gəzdirdi. Ona lazım olan hər şeyi göstərdi və hamamın hazır olduğunu bildirdi. Raya hamamdan çıxıb otağa gəldikdən bir neçə dəqiqə sonra xidmətçi qız onu şam süfrəsinə dəvət etdi. Raya yemək istəmirdi, çünki o, Haçının evində yemək yemişdi. Lakin o özü üçün düzəldilən bu həbsxananı tamamilə öyrənməyi və onu təfərrüatına qədər nəzərdən keçirməyi qərara aldığından, təklifdən boyun qaçırmadı. Balkonda düzələn şam süfrəsinə oturdu. Süfrə başında heç kəs yox idi, xidmətçi qız yeməkləri qonşu evdən gətirib stola düzür və çəkilib kənarda dururdu. Balkonun başqa tərəfində gözətləyən qoçu da, gözlərini Rayanın üzündən ayırmırdı. Raya yemək istəmir, süfrə ilə də maraqlanmırdı. Raya süfrə başında oturub uzağa və dərinliklərə baxır və Bakı gecəsini seyr edib düşünürdü. Yüksək binanın balkonundan Bakı mühitinə baxan Raya sanki gözü önündə geniş bir şəfəq tarlası görürdü. Dalğalara əyləncə kəsilən mayaklar, sevgilisini görmək istəyən və divar arxasından boylanıb baxan bir gəncin göz bəbəyi kimi parlayır yenə də gizlənirdi. Günəşin zühurunu xəbər verən dan ulduzu Narkin adasının başı üzərindən göründüyü zaman, kiçik ulduzlar da xülyapərəstlərin böyük arzu və ümidləri kimi sönüb gedirdi. Qaranlıqla işığın ölüm-dirim mübarizəsi başlandığı zaman, Raya da şam süfrəsi başında oturub bolşevik Bakısında gedən məfkurəvi və siyasi mübarizənin nə nəticə ilə qurtaracağını düşünürdü. Əminə kənardakı stulda oturub Rayaya baxırdı. Rayaya qarovul çəkən kişi isə əllərini qoltuğuna vurub gəzişir və dişindəki papirosa dərin güllab vururdu. Şəhərdə səs-səmir yox idi. Yalnız Təzəpir məscidinin minarəsindən gələn azan səsi eşidilirdi. Dan yeri sökülürdü, Raya birdən-birə üzünü çevirib süfrəyə baxdıqda, hər şeyin yerli-yerində donub qaldığını gördü və Əminəyə müraciətlə: – Süfrəni yığışdırın!—dedi.—Məni bağışlayınız, sizi yuxudan etdim. Raya qalxıb yataq otağına keçdi. Əminə hazırladığı çarpayını ona göstərdi və: – Bu otaq sizin yataq otağınızdır,—dedi. Raya yuxudan qalxanda saat bir idi. O, balkona çıxdığı zaman, Əminəni qapıda gördü. O, yuyundu və tualetini düzəldərək çay içməyə gəldi. Əminə çay tökub qarşısına qoyduqda, ona bir sual verdi: – Rahat ola bildinizmi? – Rahatlıq mümkündürmü? – Nə üçün? – Həbsxana həyatına alışınçaya qədər yuxlamaq mümkün deyildir. – Əcəba, buraya həbsxana demək olurmu? – Həbsxana deyil—nədir? – Gözəl, geniş, zəngin və əlverişli bir mənzilə həbsxana demək mümkündürmü? – Kiçik qız, mən əvvəlcə sənin adını bilmək istərdim. Əminə Rayanın bu təklifindən gülümsəyərək əl-əl üstə qoydu və düşünərək cavab verdi. – Adım Əminədir. – Gözəl Əminə. Sənin fikrincə zənginlik və gözəllik mövcud olan yerdə rahətlik, mümkündür. Yalnız sənin gördüyün dörd-beş otaq deyil, azadlıq olmayan böyük məmləkətlər belə azadlıq sevənlər üçün bir həbsxanadır. – Əcəba siz dünyanı bir həbsxanamı hesab edirsiniz? – Bəli! Dünya insanların çoxu üçün həbsxanadır. Sənin gördüyün bu otaqlarda hər bir şey varsa, bütün zənginliklərdən qiymətli olan azadlıq yoxdur. Nə Raya, nə də Əminə danışırdı. Əminə başını aşağı salıb durmuşdu. Raya isə gətirilən qəzetlərlə məşğul idi. Çox sükutdan sonra Əminə Rayadan soruşdu: – Qəzeti ucadan oxuya bilməzsiniz? – O sənin nəyinə lazımdır? – Dinləmək istəyirəm. – Özün oxuya bilmirsənmi? – Rus dilini anlayıram, danışıram, amma oxuya bilmirəm. – Çox əcəb, dinlə, oxuyuram. Raya «Bakinski Raboçi» qəzetini götürüb oxumağa başladı. Bir qədər oxuduqdan sonra Raya qəzeti stolun üstünə qoyaraq çayını içdi. Əminə isə ayaq üstə durub məqalənin gerisini dinləmək istəyirdi. Raya Əminəyə müraciətlə: – Sən mənimlə bərabər çay içə bilməzmisən?—dedikdə Əminə çiyinlərini çəkərək: – Xeyr!—dedi. – Nə üçün? – Ağam icazə verməz. – Ağanız kimdir? – O sizin nəyinizə lazımdır? – Əcəba, o adamın adını bilmək olmazmı? – Olar, ancaq buna icazə vermir. – Mən ağaya bir məktub yazsam göndərə bilərsinizmi? – Göndərə bilərəm. – Elə isə, qağız-qələm gətir! Əminə beş dəqiqədə hər şeyi hazır etdi, Raya xanım məktubunu yazmağa başladı. «Möhtərəm cənab! Azad edilməyim haqqında rica etməyəcəyəm, çünki bunun mümkün olmadığını bilirəm. Lakin sizdən ifası mümkün ola biləcək bir xahiş edəcəyəm. Mən günümü, ev xidmətçisi ilə keçirirəm. Həbsxana həyatının ağırlığını o qədər də hiss etmirəm. Lakin gecələr mənim üçün çox ağır keçir. Yabançı və həbsxana adı verilən bu binada gecə yalnız qalmaq olduqca çətin və əzablıdır. Çox rica edirəm ki, xidmətçi qızın gecələr mənim yanımda qalmasına icazə verəsiniz, zənn edirəm ki, bu ricam sizin məqsədinizə zərərverici bir rica deyildir». Əminə məktubu alıb getdi, Raya isə bir saata qədər stolun başında oturub düşünürdü. Əminə məktubun cavabını gətirdi. Lakin cavab çox qısa yazılmışdı. «Möhtərəm xanım! Rica etdiyiniz məsələyə mane deyilik. Ev xidmətçisi ailəli qızdır. Onu sizinlə keçələməyə məcbur edə bilmərik, özünüz onunla danışın. Özü buna razı olursa, biz ona bu xidmətinə qarşı pul da verə bilərik. Razı olmasa başqa xidmətçi təyin edə bilərik». Raya bu cavabdan artıq dərəcədə sevindi və Əminə ilə danışmağı qərara aldı. Əminə nahar vaxtı Rayanın otağına daxil olaraq: – Xanım, naharı gətirimmi?—dedikdə, Raya tələsik cavab verdi. – Gətir, bacım! Tez gətir! Əminə qara və dalğın gözlərini çevirib Rayanın üzünə baxdı və otaqdan eşiyə çıxdı. Əminə nahar xörəklərini stolun üstünə düzüb qayıdarkən Raya onu dayandırdı: – Dur! Sənə bir sözüm var!—dedi. – Nə sözünüz var? – Mən istəyirəm ki, sən də stolun başında oturub mənimlə nahar edəsən! – Heç ola bilərmi? Mən ev xidmətçisiyəm. – Ev xidmətçisi nahar yeməzmi? – Ağa buna icazə verməmişdir. – Ağa mənə yazdığı məktubda buna icazə vermişdir. Raya bu sözü deyərək ağanın məktubunu göstərdi və məzmununu ona dedi. Əminə xəfif bir gülüşlə: – İndi xanımın qulluğunda otura bilərəm!—dedi və gəlib Rayanın yanında oturdu. Raya Əminənin saçlarını sığallarkən Əminə titrəyirdi. Əminə Rayanın məhəbbətinə qarşı heç bir söz deyə bilmədi, ancaq üzünü çevirib Rayanın əlindən öpdü və gözləri yaşardı. Raya onun başını qaldırıb gözlərinin içinə baxdı və: – Gəl mənimlə birlikdə nahar yeyək,—dedi,—nə qədər ki, mən buradayam mənə bacılıq et! Məni burada yalnız buraxma! Bundan sonra mənə xanım da demə! Gecələri də mənim yanımda qal! Mən burada gecələr yalnız qalsam yəqin ki məhv olaram. Əminə bu sözlərə sanki inanmırdı. Rayanın onu bu qədər əzizləməsi ona çox qəribə gəlirdi. Əminə Rayanın dediklərinə razı oldu: – Ancaq bircə şərtim var,—dedi. – Nə şərtin vardır? – Məni bədbəxt etməyəcəsiniz. Bir hadisə baş versə bizim ikimiz də məhv olarıq. Sən bu adamları tanımırsan. – Sən əmin ol! Mən başqalarına zərər yetirsəydim, məni burada həbs etməzdilər. Nahar yeməyini bitirdilər. Əminə süfrəni yığdı və utana-utana Raya xanıma dedi: – İcazənizlə gedib evimizə xəbər verim, yenə də yanınıza qayıdım. – Bəlkə səni anan mənim yanıma buraxmadı, onda necə olsun? – Mən anamı, sizin yaxşı qız olduğunuza inandıracağam. Əmin ola bilərsiniz. Yarım saat çəkmədən qayıdacağam. Gecələr Gecə saat on ikidə Əminə ilə Raya şam yeməyini yedikdən sonra qapıları qapayıb yataq otağına girdilər. Raya soyunub çarpayısında uzanmışdı. Əminə isə durub baxırdı. Raya: – Nə üçün soyunub yatmaq istəmirsən?—dedikdə Əminə çiyinlərini çəkərək: – Elə-belə... yuxum yoxdur,—deyib durdu. Raya məsələnin nə yerdə olduğunu anladı və işin həqiqətini təyin edə bildi. Varlı ailədə xidmət etdiyinə baxmayaraq, Əminənin libası, xüsusən alt paltarı çox köhnə idi. O, bunun üçün də Rayanın yanında soyunmaqdan utanırdı. Raya yatağından qalxdı və kapotunu geyinib oturdu: – Əminə can, səndən bir ricam var, qəbul etməlisən! Raya bunu deyərək qalxdı və çamadanını açıb təmiz alt paltarlarını çıxartdı və dedi: – Götür, Əminə, bu paltarları geyin! Mən özüm də vaxtilə yoxsul olmuşam, sən də yoxsulsan, heç utanma! Əminə əllərini döşünə qoyaraq: – Çox razıyam,—dedi,—lakin ağadan qorxuram. Onlar mənim sizdən hədiyyə aldığımı bilsələr mənə cəza verərlər. Sizdən rica edirəm ki, bu hədiyyənin müqabilində ağanın adını məndən soruşmayasınız. – Soruşmaram! Sənə vicdanımla söz verirəm. Götür paltarları, geyin! Əminə paltarını dəyişərək yatağına uzandı. Onlar yata bilmirdilər; hər ikisi söhbəti haradan başlamağı düşünürdü. Raya Əminəyə sual verdi: – Əminə can, ayda nə qədər maaş alırsan? – Ayda, yediyimdən başqa beş manat maaş alıram. – Bu qədər az bir maaşla yaşamaq mümkündürmü? – Bu da olmasa neyləyərəm? Ailəmiz dağılmışdır. – Nədən dağılmışdır? Əminə dedi: – Əslinə baxsa, bizim ailəmizin dağılmasına özümüz səbəb olduq. Kimsədən inciməyə haqqımız yoxdur. Sözü əvvəldən başlayacağam. Bizim ailəmiz böyükdən kiçiyətən neft işində işləyənlər idi. Atam işdə şikəst olub, indi evdə yatır. Qardaşlarımın üçü də neft işində idi. Böyük qardaşım Ramanada Musa Nağıyevin mədənlərində işlərdi, o çox dilli bir oğlan idi. İşçilərin bütün tələblərini sahibkara qardaşım deyərdi. O heç nədən qorxmurdu. – Onu işdən qovmurdularmı? – Qovurdular. Lakin onu qovan kimi, işçilər, tətil edir və qardaşımı işə qəbul etdirirdi. – Qardaşının adı nə idi? – Heybət idi. Onun Qüdrət adlı gözəl və igid bir yoldaşı da var idi. İgidlikdə heç də Heybətdən geri qalmazdı. İşçilər Heybətin və Qüdrətin başına and içirdilər. Qüdrət hər istirahət günü Heybətlə bərabər bizim evimizə gələrdi. Son zamanlar onun mənə diqqət verdiyini hiss edirdim. Nədənsə mən də ona diqqət verməyə başlamışdım. Ancaq nə o məni dindirir, nə də mən onu danışdırırdım. Bir-birimizi sevirdik. Lakin bu sevgi gözlərdə və ürəklərdə idi. Biz heç vaxt ikilikdə oturmamışdıq. Anam da buna imkan vermirdi. Hətta Qüdrət olan zaman evdən kənar edirdilər. Günlərin birində yenə qardaşım Heybət Qüdrəti nahara qonaq gətirmişdi. Mən başımda şal, otağa girdim; gərək ki, su qabını götürmək istəyirdim. Rəhmətlik qardaşım məni səsləyərək: – Əminə,—dedi,—nə üçün gəlib oturmursan? Nə üçün Qüdrətdən qaçırsan? Gəl tanış ol! Sən avam qız deyilsən, özünü avamlara oxşatma! Gəl içəri, bacım, gəl! Mən heç bir söz demədim. Yerimdə quruyub qaldım, nə edəcəyimi bilmədim. Donub qalmışdım. Axırda rəhmətlik Heybət əlimi tutub Qüdrətin əlinə verdi. Mən bir təhər əlimi onun əlindən qurtarıb anam olan otağa qaçdım. Anam saçlarımdan tutub yerə yıxdı və o ki var söydü. – Bəs buna atan nə dedi? – O mane oldu. «Qızın yaxasından əl götür, dedi.—İndi ki, onlar bir-birini sevir, indi ki, iki qəlb bir-birinə yaxındır, qoy birləşsinlər, ailə qursunlar. Bəlkə də xoşbəxt ola bildilər. Qüdrət özü namuslu işçilərdəndir, ona inanmaq olar». Atamın bu sözü anamı sakit elədi. Amma o məni bir ay danışdırmadı. O mənim Qüdrətə ərə getməyimə razı deyildi, çünki Qüdrət kasıb idi. Atam Qüdrətə öz oğlu kimi baxmağa başladı. Artıq Qüdrət bizə gələndə bir yeyər və bir oturardıq. Nəhayət biz bir-birimizə söz verdik. Anam da razı oldu, çünki Qüdrət bizim öz tayımız idi. Məni Qüdrətə nişanladılar. Nişan gətirməyə adamı yox idi. Həmin bu barmağımdakı gümüş üzüyü də Qüdrət öz əlilə mənim barmağıma taxdı. Lakin biz bir aydan artıq nişanlı qalmadıq. Əminə bu sözdən sonra çox şiddətlə ağladı, danışa bilmədi. Raya isə onun saçlarını sığallayır və təsəlli verirdi. – Ağlama, gözəl Əminə, ağlama!—deyirdi.—Söhbətinə davam et! Məni öz maraqlı romanınla məşğul edirsən. Əminə davam etdi: – Qüdrətin nişan üzüyünü aldıqdan üç gün sonra mən həyətdə, quyudan su çəkirdim, anam pəncərədən başını çıxarıb məni çağırdı. Mən evə girdikdə üç nəfər başqa qadın gördüm, onların kim olduğunu və nə üçün gəldiklərini bilmədim. Ancaq onu gördüm ki, qadınlar mənim boy-buxunumu süzür, bir-birinin üzünə baxır və pıçıldaşırlar. Mən bir şey duymadım, lakin anam mənə tez-tez iş göstərir, müxtəlif şeyləri götürmək üçün göndərirdi. Mən sonradan bildim ki, bu qadınlar elçi imişlər. Məni görməyə gəlmişdilər. Qadınlar çox oturdular, anam mənim səliqəli və ağıllı qız olduğumu onlara cürbəcür sözlərlə deyirdi. – Xasiyyəti çox yumşaqdır. Sözə baxan və nəsihət eşidən qızdır. Evdardır, əl işində məharəti vardır. Hər cürə bişmiş bişirə bilir, az oldu, az yeyər, çox oldu, çox yeyər, gülər üzü, şirin dili vardır. Anamın söhbəti uzun çəkdi, mən həyətə çıxdım, su çəkməyə başladım. Qadınlar vidalaşıb getmək istəlikdə, anam məni yenə evə çağırdı. Mən içəri girdikdə, qadınlar ayaq üstə idi, birisi məni yanına çağırıb saçlarımı sığalladı və ağzımdan öpdü. Mən sonra bildim ki, qadın mənim ağzımı qoxulayırmış. Qadın ağzımdan öpdükdən sonra yoldaşına dönərək: – Ağız-burnu gül kimidir,—dedi. Qadınlar getdilər. Anam yerində quruyub qalmışdı. Mən də ayaq üstə durub onun üzünə baxırdım, anamın elçilərlə razılaşacağına inanmırdım. Çünki o mənim Qüdrətə nişanlandığımı və üzük götürdüyümü bilməmiş deyildi, bunu yalnız anam deyil, bütün məhəlləmiz və qohum qardaşlar bilirdi. Anam başını qaldıraraq mənə baxdı və: – Otur!—dedi. Oturdum, yenə hər ikimiz sükut etdik. Anam dedi: – Əminə, bunların kim olduğunu bilirsənmi? Mən: – Xeyr, bilmirəm,—dedim. – Bunlar sənə elçi gəlmişlər. Özləri də varlı evin adamlarıdır. – Onda işim yoxdur, ancaq bir qızı eyni zamanda iki ərə vermək olmaz! – Mən də bilirəm olmaz, lakin sən ərə getməmisən. Yalnız otuz qəpiklik bir gümüş üzük almışıq ki, yeyəsinə qaytara bilərik. Sən razı ol, Heybətin, filanın sözünə baxma! – Ana, sən özün düşün, bu rüsvayçılıq deyilmi? – Rüsvayçılıq bu deyil, iki çılpağın, iki acın bir-birilə evlənməsi daha böyük rüsvayçılıqdır. İstəmirəm ki, mən atanın evində çəkdiyim zəhməti sən də Qüdrətin evində çəkəsən. Heç bilirsənmi səni kimə istəyirlər? Qoçu Qurbanın bacısı oğlu Əlibalanı bütün Bakıda barmaq ilə göstərirlər. Xozeyinlərin yanında onun böyük hörməti var. Bir sözü iki deyil, bütün Ramana mədənləri Qurbanın əlindədir. Mən anamın sözlərinə cavab vermirdim. Ağlayaraq atam yatan otağa keçdim, atama xəbər verdim, o anamı çağırıb çox nəsihət elədi, lakin bir fayda vermədi. O deyirdi: – Qızımı, zəhərlərəm, boğaram, amma Qüdrətə vermərəm, acın birisinə ərə getməkdənsə qəbrə getmək yaxşıdır. Bədbəxtlik burasındadır ki, nə Qüdrəti, nə də qardaşlarımı görmək mümkün deyildi, çünki Musa Nağıyevin Ramana mədənlərində tətil başlanmışdı, qardaşım və Qüdrət gecə-gündüz mədən dairəsində idi. Onları tapıb dərdimi deyə bilmirdim. İki gün sonra elçiliyə gələn arvadlar üzük gətirdilər. Mən ağladım, qiyamət qopardım, lakin mümkün olmadı, üzük gətirən qadınlardan birisi: – Ağlını başına yığ!—dedi.—Əlibalanın üzüyünü geri qaytarmaq olmaz. Onlar dünyanı dağıdarlar. Üzük gətirən günün səhəri, rəhmətlik qardaşım Heybət paltarını dəyişmək üçün evə gəldi, mən heç bir söz demədən onun qolları arasına yıxılıb ağladım, məsələni açıq deməkdən utandım. Nəhayət, məsələnin nə yerdə olduğunu anam söylədi. Qardaşım çox uzun danışmadı. Qısaca dedi: – Mən sağ ikən qoçu Əlibala bacımı ala bilməz! Qabaqca məni öldürün, sonra! Mən onlarla mübarizə aparıram. Onlar tapança gücünə işçiləri Musa Nağıyev kimi alçaqlara təslim olmağa məcbur edirlər. Anam isə öz qızını götürüb elə canavarlara verir. Anam bir söz demədi, çünki o Heybətdən qorxardı. Heybət paltarını dəyişib getmək istədikdə üzümdən öpərək: – Ürəkli ol!—dedi.—Əminə, nə qədər ki, mənim nəfəsim gəlir, sənin başından bir tük də əskik olmaz. Bu əhvalatdan sonra Qüdrət daha bizə gəlmirdi. Mən onu görmək istəyirdim, ona deməli sözlərim var idi. Sözümdə sadiq olduğumu deməli idim. Lakin mümkün olmadı; onun başı tətil işlərinə qarışıq idi. Qardaşlarım və Qüdrət mədəni gözdən qoymurdular, çünki Musa Nağıyevin qoçuları—Qurban və sairləri İran fəhlələrini qorxudub işləməyə məcbur edirdi. Mən küçəyə çıxa bilmirdim. Qoçu Əlibala küçəmizə gəlib məni təqib edirdi. Qardaşım Heybəti axtarmağa məcbur oldum. Bunun üçün də Ramana mədənlərinə getdim. Mən mədənlərə getdiyim zaman Musa Nağıyev də şəhərdən gəlmişdi, mədənin qapısı çox basırıq idi. Qoçu Qurban, Əlibala, qardaşı Qafar, əmisi oğlu Canbaxış iranlı fəhlələri irəli verib deyirdilər: – Ağa Musa, bu kişilər işləməyə razıdır, beş-üç nəfər mane olan varsa, biz onları yerində oturdarıq. Bu vaxt Heybət irəli keçib Musa Nağıyevə yaxınlaşdı. Onun dalınca erməni və rus işçiləri dəstə ilə gedirdilər. Heybət səkinin üstünə qalxıb danışdı. – İranlı işçilər!—dedi.—Mədən sahibi sizin iranlı olmağınızdan, əlacsız və naçarlığınızdan istifadə edib öz şərtlərini yeritmək istəyir. Lakin siz bilməlisiniz ki, bu gün sahibkarın təklifinə razı olsanız, bir həftədən sonra sizə daha pis bir şərt təklif edəcəkdir. Siz qoçuların tapançasından qorxmayın. Onlar sahibkarlardan aldıqları maaş hesabına sizin ailənizi acından öldürmək istəyirlər. Lakin siz tətili pozmayın, bütün rus, erməni və sair millətlərdən olan işçilər sizin arxanızda durmuşlar. Heybətin bu sözündən sonra Musa Nağıyev işçilərə müraciətlə danışdı: – And olsun oğlum İsmayılın qəbrinə, mən talanıb-dağılmışam, var-yoxumu mədənlərin zərərinə qoymuşam. Ay qanmaz azərbaycanlılar, ağılsız iranlılar. Siz nə üçün bu ermənilərə, ruslara qoşulub məni dağıtmaq istəyirsiniz! Mən söz verirəm ki, bütün təkliflərinizə əməl edəcəyəm. – İnanmırıq! Bu sözləri çox eşitmişik... Səslər kəsilmirdi. Heybət səkiyə çıxıb əli ilə işarə etdi. Hamı susdu. Heybət işçilərin təkliflərini bir-bir saydı: – Paltar şkafları düzəlməlidir. Əlüzyuyan alınmalıdır. Xəstələri xəstəxanaya aparmaq üçün nəqliyyat verilməlidir. İşçilərin ailəsi sahibkar hesabına müalicə edilməlidir. İldə 15 gün sahibkarın hesabına işçilərə məzuniyyət verilməlidir. Heybət çox təkliflər etdi. Lakin Musa Nağıyev bunların hamısına bir neçə kəlmə ilə cavab verdi: – Mən dağılmışam. Mən özüm köhnə faytona minirəm ki, 20 qəpik əvəzinə 15 qəpik verim. İşçini faytonda xəstəxanaya göndərməyə pulum yoxdur! Bu sözlərdən sonra Musa Nağıyev faytona oturub getdi. İranlı işçilər də Heybətə və Heybətin yoldaşlarına qoşularaq mədən ətrafından çəkildilər. Mədənin qapısında yalnız Musa Nağıyevin qoçuları qaldı. Bu hadisədən 10 gün keçmişdi. Heybət axşam evə qayıtmadı. Biz yenə də zənn edirdik ki, Heybət mədən dairəsindədir. Səhər tezdən kiçik qardaşlarım qalxıb işə getdi. Bir az sonra qayıdıb xəbər verdilər ki, Heybət mədən dairəsində yoxdur. Raya xanım, başınızı ağrıtmaq istəmirəm. İki gündən sonra məlum oldu ki, qoçu Qurban və Əlibala Heybəti Musa Nağıyevin tapşırığı ilə öldürmüşlər. Heybətin meyitini evə gətirdilər, yoldaşları yığılıb gəldi, ağlaşma qopdu. Meyitin üstündə danışanlar da oldu. Pristav gəlib protokol yazdı. Lakin Heybətin qatilləri həbsə alınmadı. Avam işçilərdən bir çoxu Qüdrəti çağırıb polismestrə şikayətə göndərmək istədilər. Qüdrət: – Şikayət etməyəcəyəm,—dedi,—polisin xırdası da, böyüyü də birdir. Şikayətimizə baxmazlar. Çünki biz işçiyik. Heybət öldükdən sonra qardaşlarım Musa Nağıyevin mədənində baş saxlaya bilmədilər, xüsusən qoçu Əlibala nə Qüdrətə, nə də qardaşlarıma orada işləmək imkanı verdi. Onları mədənlərdən qovdular, axırda erməni işçilər onları Mantaşevin mədənlərində işə düzəltdilər. Çox qəribədir ki, qoçu Əlibala qardaşımı öldürməklə də yaxamdan əl çəkmədi. Mənə evdən bayıra çıxmaq imkanı vermirdi. Məni götürüb qaçmaq istədi. Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. Həmişə deyirdi ki: «Hələlik işçinin qeydinə qalan bir hökumət yoxdur. İşçi gərək özü öz qeydinə qalsın. Qoy bu hökumət Heybətin qatillərini saxlasın. Mən özüm onları mühakimə edəcəyəm. Atam Qüdrəti məzəmmət edərək deyirdi: – Sən heç vaxt bu xəyallara düşmə, hökumətlə bacarmaq olmaz. İndi ki, o, qoçuları və qatilləri müdafiə edir, bizim əlimizdən nə gələr. Bir təhər yola gedin. Lakin bu sözlər Qüdrətin qulağına girmirdi. Bazar günü idi. Qüdrət istirahətdə idi. O bizə gəlmişdi. Erməni, rus yoldaşlardan bizdə var idi. Axşam qonaqlar getdikdən sonra, Qüdrət də qalxıb getmək istədi. Mən onu yola salmaq üçün eşiyə çıxdım. Qüdrət qapıda mənim əllərimdən tutaraq: – Əminə, salamat qal!—dedi.—Bu gün son görüşümüzdür. Gedirəm, sağ qayıtsam yenə görüşərik. Amma bu sözlərimi heç kəsə söyləmə, sənə tapşırıram, bu sözləri nə atana, nə anana söylə! Qüdrət ömründə ilk dəfə idi ki, mənim dodaqlarımdan öpdü və ayrıldıq. Mən olduğum yerdə quruyub durmuşdum. Nə edəcəyimi bilmirdim. O, gözdən qeyb oluncaya qədər dalınca baxırdım. Evə qayıtdım. Qüdrətin tapşırığına əməl etdim və dediklərini kimsəyə söyləmədim. İki gündən sonra kiçik qardaşım Heydər tələsik evə gəldi və atama dedi: – Ata, gözün aydın olsun. Balaqardaş ilə Qüdrət Heybətin qanını aldı. Atam soruşdu: – Kimdən? Heydər hadisəni təfsilatı ilə danışdı: – Axşam yenə qoçular mədən qarşısında vuruşma saldılar. Onlar Heybətin yoldaşlarını söyərək «Heybəti yerinə göndərdik. Sizi də göndərəcəyik»—dedilər. Qüdrət Əlibalanın qabağını kəsərək ona dedi: – Yaxşı olardı ki, Heybətin adını çəkməyəydiniz. İndi ki, onun adı çəkildi, mənim boynuma təklif gəldi. Sizə cavab verməyə məcburam. Əlibala güldü və əlini atıb Qüdrətin boğazından tutmaq istədikdə Qüdrət ona bir şillə vurdu. Bu halda Əlibala əlini tapançaya atdı. Qüdrət bıçaq ilə onun ürəyindən vurub yıxdı, bütün qoçular Qüdrətin üstünə töküldü, Heybətin yoldaşları da Qüdrətin köməyinə gəldilər. Gözünə döndüyüm Balaqardaş, Əlibalanın qardaşı Qafarı və əmisi oğlu Canbaxışı o saat vurub böyrü üstə yıxdı. Heydər bunları dedikdə atam başına vuraraq: – Evimiz yıxıldı, dedi,—uşaqları tutub Sibirə göndərəcəklər. Elə də oldu. Balaqardaşı və Qüdrəti tutub Sibirə göndərdilər. Əminə söhbətini bitirdikdən sonra ağladı və Raya ona təsəlli verərək dedi. – Gözəl Əminə, zəmanəmiz belədir. Xalqın qeydinə qalanları ya öldürər, ya da həbs edərlər. İndi de görüm, kiçik qardaşın Heydər nə işdədir? – Nə işdə ola bilər? Ona olmazın əziyyətlər verdilər. Heç yerdə iş vermədilər. «Tayfalıqla dikbaşsınız» deyə rədd etdilər. Nəhayət, rəhmətlik Heybətin öyrətdiyi erməni şəyirdi yaxşılığı unutmadı. Heydəri öz yanına apardı. İndi Heydər onun əlinin altında işləyir. Daha ona sataşa bilmirlər. Çünki erməni və rus işçiləri də Heybətin xatirinə Heydərə çox hörmət edirlər. Bütün işçilər deyir ki, «Heydər də Heybətin yerini tutacaqdır». Doğrudan da belədir. O, həmişə qabaqda getmək istəyir. Sahibkarın və mədən müdirlərinin yanında yenə ilk danışan Heydərdir... Əminə Rayanı səslədi: – Raya bacı, yatmısanmı? – Xeyr, yatmamışam! Yatmaq da istəmirəm. – Siz danışın görüm, sizi nə üçün gətirib buraya salmışlar! – Mən də sənin rəhmətlik qardaşın Heybət gedən yol ilə gedirdim. Mən də istəyirəm ki, Heybətin müdafiə etdiyi minlərcə əməkçi xalq azad yaşasın. Əməkçilərin müqəddəratı, qoçuların və sahibkarların əlində olmasın. – Siz bolşevikmisiniz? – Sən bolşevikləri nə tanıyırsan? – Atam, rəhmətlik Heybətə bolşeviklərdən danışardı. Heybətin özü də bolşevik idi. – Sən bolşevikləri sevirmisən?! – Niyə sevmirəm?! – İndi ki, sevirsən, gəl biz də yoldaş olaq. Bu sözlərdən sonra onlar yuxuladılar. Əminə axşam saat on birdə Stanislavski küçədə gəzib doktor Araratyanın evinə gəlib-gedənləri gözdən keçirirdi. Əminə nə qədər diqqət versə də Rayanın tərif etdiyi qızı görə bilmirdi. Küçədə, erməni burjuylarını «Metropol»a və klublara aparan fayton təkərlərinin səsindən başqa heç nə eşidilmirdi. Təkərlər şuluqluq günlər kimi çox sürətlə dönür və Telefonnı küçəyə doğru gedirdi. Küçə səkilərindən keçənlər yalnız bir məsələ üzərində mübahisə edirdilər: – İngilislərin gəlməsi doğru imiş. – Ola bilməz! Türklər çox yaxındadır. – Çox da, yaxındadır, menşevik və eserlər qalib gəlir. – Bolşeviklərin yıxılmasına az qalmışdır. – Görəsən buna, bizim daşnaqlar nə deyir! – Nə deyəcək? Bizimkiləri tanımırsanmı? Yarısı türklərin, yarısı ingilislərin tərəfindədir. – Türklərin? – Türklərin! – Əlbəttə ki, biz—varlılar üçün bolşeviklərdən türklər məsləhətdir. Əminə bu sözləri dinləyir və Araratyanın qapısını güdürdü. İki saat gəzdikdən sonra Əminə Araratyanın böyük lampalarla işıqlanmış qapısından uca boylu bir qızın sürətlə çıxıb qaranlıqlara qarışdığını gördü. Əminə mütərəddid addımlarla irəliləyib qızdan soruşdu: – Sizin adınız nədir?! Ester çiyninin üstündən Əminəyə baxdı və: – Sənin nəyinə lazımdır?—dedi. – Mən deyən adam olsanız gətirdiyim mühüm bir məktubu sizə təslim edəcəyəm. – Məktubu kimi üçün gətirmisən? – Axtardığım qız üçün! – Axtardığın qız kimdir? – Uca boylu, qalın və enliqaş, yumru və qaragöz, qıvrım və qarasaç, sağ tərəfdə dodağının üstündə qara xalı olan bir qızı axtarıram. – Belə qız Bakıda yüzlərcədir. Bu nişanlarla heç kəsi tapa bilməzsən. – Evləri də Stanislavski küçədədir. – Bu küçədə azmı qız var?! Sən gərək qızın adını deyəsən. – Onu siz deyin. – Mənim adım Esterdir. – Mən də sizi axtarırdım. Alın, bu məktub sizə çatacaqdır. Yardımsız və yazıq bir qız göndərmişdir. Səni həzrəti-İsaya and verirəm: ona kömək elə. Hərgah köməyin mümkün olmasa, zərərin də dəyməsin. Ester məktubu alıb paketin üstünü oxudu. Raya tərəfindən yazıldığını bildi və özünü itirdi. Əminənin əlindən tutaraq: – Gəl, mənim dalımca gəl! Gəl mənim otağıma!—dedi. Əminə onun üzünə ehtiyatlı bir nəzərlə baxdı, tərpənmədi. Ester onun qorxduğunu hiss edərək: – Sən heç qorxma. Mənim otağımda sənə heç bir zərər dəyməz. Gəl, bacım, gəl!—deyə Əminənin qolundan tutub otağına apardı. Ester lampanı yandırdı. Ürək döyüntüsü ilə məktubu oxumağa başladı. «Mehriban Ester! Heç şübhə yox ki, sən də mənim Şimali Qafqaza getdiyimə inanmısan. Buna haqlısan, çünki mən Leylanın təhriki ilə hərəkətə gəlmiş «müsavat» qoçularının təhdidləri ilə Tiq-Çonsona məktub yazıb, Şimali Qafqaza getdiyimi xəbər vermişdim. Ester! Mən Ağabala Quliyevin evində həbsə alınmışam. Çünki mən Leylanın osmanlı casusu olduğunu, həm bolşeviklər, həm menşeviklər və həm də ingilislər əleyhinə çalışdığını bilmişdim. Buna görə də Leyla məni həbsə aldırdı. İndi vəziyyət qorxuludur. Qəzetlərin yazdığına görə şəhərdə qorxulu hadisələr gözlənir. Bir hadisə baş versə, mən bu qoçuların əlindən salamat qurtara bilmərəm. Ester, səndən çox rica edirəm, mənim buradan qurtarmağım üçün çarə düşün! Göndərdiyim qıza inana bilərsən. Mən xilas olana qədər bu məsələni Leyla bilməməlidir. Səni sevən Raya». Ester əlləri ilə başını tutub şiddətlə ağladı. Əminə də ağladı. Əlini onun çiyninə vuraraq: – Ağlamaq fayda verməyəcək. O, məndən cavab gözləyir,—dedi. Ester qalxdı, otaqdan çıxarkən: – Gəl dalımca!—deyə Əminəni özü ilə bərabər apardı. Çox getdilər, Əminə dayanıb Esterə dedi: – Burada mənə bir şey olmaz ki? – Əmin ola bilərsən. Səni namuslu bir işçinin yanına aparıram. Hər ikisi Zavaqzal küçəsinə doğru gedirdi. Çox qaranlıq idi, qarşıdan bir qaraltı göründükdə Ester Əminəni dayandırıb: – Dur!—dedi.—Özüdür. Ona oxşayır. – Kimdir? – O mənim tanışımdır. Onunla burada görüşmək üçün sözləşmişdik. – Ermənidirmi? – Ermənidir. Lakin sən eşitdiyin və sənin qorxduğun ermənilərdən deyildir. Uzaqdakı adam öskürdü. Ester də iki kərə öskürərək ona cavab verdi. Qaraltı yaxın gəldi. Esterin əlini sıxdı, Ester bütün əhvalatı Vahana danışdı və Əminənin məktub gətirdiyini söylədi. Vahan Əminənin əlini sıxdıqda: – Mən bir azərbaycanlı qızın əlini əlimə alırkən təsvir edilməz dərəcədə sevinirəm,—dedi. Əminə Vahana sual verdi: – Siz bu xanımı sevirmisiniz? – Əlbəttə, sevirəm! – İndi ki, belədir, səni bu xanımın canına and verirəm, o qızın qurtarmasına çalış! Bizim qeydimizə qaldığı üçün onu məhv edirlər. Vahan soruşdu: – Qeydinizə qaldığını nədən bilirsiniz? – O qız, qardaşımın və onun yoldaşlarının intiqamını almaq istəyənlərin birisidir. – Qardaşın kimdir?! – Qardaşım Musa Nağıyevin Ramanadakı mədənlərində işlərdi. – Adı nə idi? – Heybət! Əminə bunu deyəndə şiddətlə ağladı. Vahan da ağlayaraq əlləri ilə başını tutdu, Ester heyrət etdi. O öz-özünə «Əcəba, Heybət kimdir? Vahan nə üçün bir nəfər azərbaycanlı işçi üçün ağlayır?»—deyə düşündü. Vahan Əminəyə dedi: – Əcəba, dəfələrlə qabağına çay-çörək qoyduğun adamı tanımırsanmı? – Mən haradan tanıya bilərəm?! – Mən sənin qardaşın Heybətin şəyirdi Vahan deyiləmmi? O, işsiz vaxtımda məni gətirib evinizdə yedirməzdimi? İnqilabi fikirləri mənim başıma ilk dəfə Heybət salmadımı? Əcəba sən indi, Heydərin yoldaşı Vahanı tanımırsanmı? Vahan, Ester və Əminə Zavaqzal küçəsindəki qum təpənin üstündə oturub düşünürdülər. Vahan Bakıya gəldiyi gündən bu günə qədər bütün sərgüzəştini xəyalından keçirməyə başlamışdı: Vahanın anasını 1906-cı ildə daşnaqlar öldürmüşdü. O zaman Vahan hələ kiçik idi. Qarabağda Qarqar çayının kənarında quzu otarırdı. Vahanın yeznəsi Ayrapet Bakıda Ramana mədənlərində işləyirdi, bacısı da Bakıda yaşayırdı. Vahan iki quzu satıb yol pulu etdi və kiçik vaxtında Bakıya işləməyə gəldi. Vahan aylarla iş tapa bilmədi. Çünki şəhərdəki toqquşmalar nəticəsində mədənlər yandırılmışdı, qalan mədənləri isə sahibkarlar bağlayıb işçiləri çölə tökmüşdülər. Vahan yeznəsi Ayrapetin evində qalırdı, Ayrapet də işsiz idi. İş olsa da onun işləməyə qüvvəti yox idi, çünki o vərəm xəstəliyinə tutulmuşdu. İşləyə bilmədiyindən Musa Nağıyevin mədən müdiri onu evdən də eşiyə salmışdı. O artıq Sabunçuda Haçı Qılmanın xaraba bir dükan yerində yaşayırdı, həm Vahan, həm də Ayrapetin balaları yeməyə çörək tapa bilmirdilər. Günün birində Ayrapet öldü. Onun iş yoldaşları yığılıb meyitini basdırdı, lakin uşaqlarına və arvadı Şuşanikə kömək edən yox idi. Şuşanik və Vahan dizlərini qucaqlayıb oturmuşdu. Bir nəfər işçi içəri girdi. Ayrapetin uşaqlarına ayaqqabı, paltar və yemək gətirmişdi. Şuşanik işçini qardaşı Vahanla tanış edərək: – Bu oğlan rəhmətlik Ayrapetin şəyirdi Heybətdir,—dedikdə,—Heybət onun kefini; işini soruşdu və yanına salıb mədənə apardı. Onu işə düzəltdi, onun maaşı ilə Ayrapetin uşaqlarını saxladı və Vahanın özünü də evlərində saxladı. Vahan bunları düşünürkən sanki Heybət onun qarşısında durub deyirdi: – Vahan, sən kimsədən qorxma! Nə sözün olsa, kim səni incitsə mənə xəbər ver. Mən sənin yeznən Ayrapeti unutmayacağam. O rəhmətlik mənə nə yaxşılıq etmişsə, mən də sənə edəcəyəm. Mənə öyrətdiyini sənə öyrədəcəyəm. Vahan sanki bu düşüncədən yeni bir qüvvət aldı və tələsik qalxdı: – Mən də Ayrapetin və Heybətin yolu ilə gedirəm. Heybət mənə öyrətdiyini Heydərə öyrədirəm. Bu sözdən sonra Əminə sual verdi: – Doğrudan da sən Heydərin ustası Vahansanmı? Vahan məzhun halda cavab verdi: – Bəli! Mən haman Vahanam, Heybətin və Qüdrətin şəyirdiyəm. Əminə ağlamsınaraq. – Qüdrət mənim nişanlım idi,—dedi. Rayanın həbsdən qurtarması barəsindəki söhbəti bitirdilər. Müəyyən bir qərara gəlib ayrıldılar. Əminə ilə Ester evə gəldi. Ester Rayanın məktubunun cavabını yazdı. «Əziz dostum, Raya! Sənin yazdığın qəmli məktubu aldım. Bu barədə tanışım Vahan ilə danışdım. Tezliklə səni qurtarmaq üçün adam gələcəkdir. Hər işi Əminədən xəbər ala bilərsən. Leyla barəsində kimsəyə danışmayacağam. Nigaran qalma. Sən azad olandan sonra onun cəzasını verəcəyik. Öpürəm Ester» * * * XIV. Sui-qəsdlərin vahid cəbhəsi İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi. Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar. Bu iclas, Bakını Sovetlər respublikasından ayırmaq, onu İngiltərə kapitalistlərinə hədiyyə vermək və Sovetlər respublikası sənaye müəssisələrini yanacaqdan məhrum etmək haqqında qərar verəcəkdi. Müxtəlif partiyaların rəhbərləri vahid bir əqidəyə gələrək «hər kəs olur-olsun, bolşeviklər olmasın» şüarı ilə birləşirdilər. Onlar Bakı proletariatını ingilislərə satmağı qət etdilər. Gürcü menşeviklərinin Tbilisidən yol verdikləri osmanlı-alman ordusu Bakını işğal etməmiş Bakı menşevikləri də ingilisləri gətirməyə çalışırdı. Son iclasda bolşevik hakimiyyəti əleyhinə olası çıxışların tezisləri paylandı. Elçiyanın evindəkilər, hər işi qurtardıqdan sonra faytonlara oturub Bakı Sovetinin iclasına gəldilər. Ağ yaxalıqlı və qara fikirli rəhbərlər müttəfiq halda iclas salonuna daxil oldular. Sadovski boynunu o tərəf-bu tərəfə uzadaraq salonu gözdən keçirtdi və Ayollonun qulağına pıçıldadı: – Yaman deyil,—dedi,—bizimkilərin hamısı buradadır. O, Leyla xanıma müraciətlə: – Siz indi işçilər arasında bizim nüfuz və hörmətimizi və bolşeviklərin nə qədər zəif olduğunu görəcəksiniz. Siz burada mühüm simalarla tanış olduğunuzu və ingilislərin Bakıya təşrif gətirmələri üçün tam zəminə hazır olduğunu yəqin edəcəksiniz. Bu iclas bizim hökumət təşkil etməyimiz üçün əhəmiyyətli bir siqnaldır. Bizim və dostlarımızın səadəti bu gecədən başlamış olur. Çox arzu edərdim ki, siz həmin səadətdən böyük bir hissə aparaydınız. Siz gənclik həyatınızı işıq və zəngin bir dünyada keçirəydiniz. Siz öz varlığınızla başqalarına da kömək edəydiniz. Lakin sizin başqasına bağlı olduğunuz mənim bu ümidlərimi tamamilə qırmış olur. Leyla xanım onun əlini sıxaraq dedi: – Siz heç bir zaman gələcəkdən ümid kəsməyin. İnsanı yaşadan ancaq bir ümiddir. Bunu da bilməlisiniz ki, hazırkı günlərimiz mübarizələrlə doludur. Buna görə də indi hər kəs tək-tək şəxsiyyətlərə yox, ümumi hadisələrə bağlıdır. Hər kəs mühitdən və siyasi cərəyanlardan asılıdır. Leyla xanımın sözləri Sadovskini qismən razı salmışdı. O, salona baxırdı. Öz adamları gəldikcə göz işarəsi ilə onları münasib yerlərdə əyləşdirirdi. Xəyanətçilər bir yerdə oturmamışdılar. Onlar sirayətedici xəstəliklər kimi iclas salonunun hər tərəfinə yayılmışdılar. Ayollo hansı tərəfin nə qədər səs alacağını əvvəlcədən bilir və barmaqları ilə Elçiyana işarə edib gülürdü. Gözlərdən, nəfəslərdən və hərəkətlərdən də tarixi bir xəyanət lövhələri görünürdü. Menşeviklər, daşnaq və eserlər çirkin işlərinin ilk səhifəsini açmaq üçün tələsirdilər. Çünki onların adamlarının hamısı gəlmişdi. Bolşevik rəhbərləri də bu vəziyyəti bilməmiş deyildi. Onlar bu xəyanətin hansı yollarla gəlib bu mərkəzə topladığını gözəlcə bilirdilər. Şaumyan və Alyoşa Caparidze menşevik dili ilə danışılacaq ingilis sözlərini son hərfinə qədər bilirdi. Bolşevik rəhbərləri bu iclasda əksəriyyət qazana bilməyəcəklərini də bilməmiş deyildilər. Çünki Bakı Kommunasının süqutuna səbəb olan bir sıra səbəblər vardı. Bir tərəfdən ingilislər, o biri tərəfdən osmanlı-alman ordusu Bakı qapılarındadır. Cəbhədə, ordu arasında pozğunluq var. Menşevik və daşnaqların təbliğatı nəticəsində qoşun hissələrindən bəziləri müharibədən boyun qaçırır, «Qafqazdakı müharibələr milli müharibədir» deyə menşeviklərə aldanır və Sadovskilərin dediyini təkrar edirdilər. Bir tərəfdən də aclıq idraksız işçilərin menşevik qərarkahına keçməsinə səbəb olurdu. Nobel müəssisələrində çalışan minlərcə işçilər menşevik və esserlərin təbliğatına qapılaraq, başqalarını da öz dallarınca aparmağa səy edirdilər. Bu günə qədər milli qırğınlar təşkil edərək erməni-müsəlman xalqını bir-birinə qırdıran «müsavat» və daşnaq liderləri də bolşeviklər əleyhinə birləşir, osmanlı ordusunun Bakını almasına çalışır və Vəhib paşanın tələblərinə boyun əyirdilər. 1918-ci il, iyul ayının 26-da açılan tarixi və həlledici iclasda bolşeviklər bu cür ağır vəziyyətdə idilər. Bakı Kommunasını və proletar hakimiyyətini silahlı qüvvə ilə müdafiə etmək və bolşevik düşmənlərini susdurmaq da mümkün deyildi. Çünki kommunanın istinad etdiyi silahlı qüvvə qələbəyə ümid vermirdi. Cəbhədə osmanlı-almanlara qarşı vuruşan Biçeraxovun bir əli ingilislərin, bir əli də Şimali Qafqazda bolşeviklər əleyhinə mübarizə aparan ağ generalların ətəyində idi. Biçeraxovun osmanlılara qarşı apardığı mübarizənin başlıca məqsədi Bakını ingilislər üçün müdafiə etməkdən ibarət idi. Biçeraxov əlverişli şərait tapdıqda silahını bolşeviklərə qarşı çevirə bilərdi. Şəhərdə və cəbhədə olan erməni batalyonları da cəbhəni buraxır, ingilis və osmanlı tərəfdarları deyə iki hissəyə ayrılır, daşnaqların ikiüzlü siyasəti nəticəsində pozulub dağılırdı. Bolşeviklər ancaq mərkəzdən göndərilən həqiqi bolşevik qoşununa, Petrovun dəstəsinə arxalana bilərdi, lakin bu dəstə dörd tərəfdən tökülən düşmənlərin qarşısında qüvvətsiz bir şey idi. Bolşeviklərin bunları nəzərə almayaraq ikinci dəfə silahlı mübarizəyə qalxması, osmanlı-alman ordusu tərəfindən Bakının işğalını yaxınlaşdıra bilərdi. Bakı bolşevikləri üçün yeganə bir yol varsa, o da Bakı Kommunası süqutunun səbəblərini Bakı proletariatına göstərmək və xainlərin iç üzünü açmaqdan ibarət idi. 1918-ci il iyul ayının 26-da gündüz saat iki əlli dəqiqədə iclas açıldı. Sadovski, tarixi lənətlərlə dolu xatirat dəftərçəsini çıxartdı, karandaşını nə qədər axtardısa tapa bilmədi. Axırda xatirat dəftərçəsini Leyla xanıma verərək: – Lütfən dediyimi yazın,— dedi. İclası Alyoşa Caparidze açdı. Köynəyinin yaxasını açaraq, iri və yumru gözləri ilə salonu nəzərdən keçirtdi, hər şeydən əvvəl hansı təşkilatdan nə qədər üzvün iştirak etdiyi yoxlandı. Yoxlama başlanarkən Sadovski Leyla xanımın qulağına pıçıldadı: – Yazın! Mərkəzi Sovetdən 154 üzv. Dairə Sovetlərindən 122 nəfər. Mərkəzi Kaspi üzvlərindən 13 nəfər. Hərbi inqilab komitəsi üzvlərindən 16 nəfər. Gəmi komitələri üzvlərindən 43 nəfər. Sonradan gələnlər 79 nəfər. Hamısı 459 nəfər1. Sadovski xatirat dəftərçəsini Leyla xanımdan alıb mülahizə etdikdən sonra sevinərək Leyla xanıma dedi: – Bakıda bolşeviklər artıq yoxdur. Leyla təəccüblə soruşdu: – Nə üçün? – Çünki onlar səs qazana bilməyəcəklər, azdırlar. Alyoşa sözə başlayaraq: – Bugünkü iclas bizim keçən iclasımızın davamıdır,—dedi.—Nəhayət, biz bu gün mühüm bir məsələnin həllinə başlayırıq. Həll etmək istədiyimiz məsələ siyasi və hərbi vəziyyətdən ibarətdir. Bu barədə danışmaq üçün söz verilir Mərkəzi hökumət nümayəndəsi Stepan Şaumyan yoldaşa. Şaumyan yerindən qalxdığı zaman salonda bir kürultu başladı, sanki bütün iclas yerindən qalxdı. Şaumyan çox sakit halda xitabət kürsüsünə yanaşarkən, Ester əlini Avetisovun əlindən çəkərək Şaumyanı diqqətlə dinləmək üçün kənara oturdu. Leyla bunu gördükdə, o da Sadovskinin yanından qalxaraq, Estera yanaşdı və onun qulağına pıçıldadı: – Ester, sənin bütün hərəkətin göstərir ki, bolşevikləri sevirsən. Mən də sevirəm, gəl onları birlikdə dinləyək. Doğrusunu de, belə deyilmi? Ester Leylanın üzünə baxdı, bu baxış Leylada heyrət oyatdı. Çünki o, heç vaxt Esterin, özünə qarşı belə bir vəziyyət aldığını görməmişdi. Ester yanakı baxaraq dedi: – Leyla, yaxşı olar ki, biz öz gizli simamız haqqında danışmayaq. Əlaqəmiz pozular. Həm də bu söhbətlər sənə fayda verməz. Hələlik bunun vaxtı deyil. Sağlıq olsa, bu barədə müfəssəl danışar və müəyyən qərara gələrik. Leyla bu sözləri Esterdən ilk dəfə eşidirdi. Esterin sözlərindən şübhə yağırdı. Leyla Esterin gizli sirlərə yol tapdığını hiss edərək qorxdu. – Eybi yoxdur,— dedi,— sonraya qalsın. Hələlik nitqi dinləmək lazımdır. Şaumyan öz adəti üzrə çox asta başladı: – Mənim təşəbbüsüm nəticəsində keçən dəfə geniş iclas çağırıldı, — dedi,—haman iclasda Rusiya və Zaqafqaziyada hərbi və siyasi vəziyyət barəsində məsələ qoyuldu. Mən son vaxtlarda sıramızdakı pozğunluğu, xüsusən Xəzər donanması komitəsinin ingilisləri Bakıya dəvət etmək haqqında çıxardığı qərarı nəzərdə tutmuşdum. Keçən iclasımızda ingilisləri çağırmaq ya çağırmamaq məsələsində dayandıq... İclas salonunda qeyri-adi bir vəziyyət törədi. «İngilisləri çağırmaq» sözü İngiltərə imperializminin yeni lakeylərinə ruh verdi. Onlar qalxıb yenidən oturdular. Bəziləri qabaq stullara, bəziləri də biri digərinin yanına keçdi, daşnaq rəhbərləri arasına qaynaşma düşdü. Şaumyan sözünə davam edərək dedi: – Mən bir çoxlarının, xüsusi daşnaqsütyun partiyası nümayəndələrinin «hökumət nümayəndələri Sovet qarşısında qoyulması lazım olmayan bir məsələ qoyur» deyə irad etdiklərini eşitdim. Mən Zaqafqaziyadan ötrü qəti inqilabi əhəmiyyəti olan məsələlər ətrafında gizli təşviqat aparıldığını bildiyim üçün bu məsələni müzakirəyə qoydum. Bizim düşmənlərimiz bu məsələni müzakirəyə qoymuş və Xəzər donanması kimi mühüm bir idarədə özü üçün müdafiəçilər tapmışdır. Mən donanma, ordu və eyni zamanda bütün inqilabi qüvvələri öz ətrafında birləşdirən proletar idarəsinin də bu təşviqatla maraqlanması və öz sözünü deməsini qət etdim. Salonda tam bir sükut hökm sürürdü. Şaumyan əsas məsələyə yaxınlaşırdı, onun qəti sözünü dinləmək üçün hamı diqqətini toplamışdı. Şaumyan təəssüfedici bir ifadə ilə dedi: – Bir halda ki, bizim sıramızda nifaq və şiddətli mübarizə var, bizi heç bir ingilis müdafiə edə bilməz. Gəlin ingilisləri dəvət etmək məsələsini gündəlik müzakirədən çıxaraq. Şaumyan bu sözündən sonra sağ daşnaq, sağ eserlərə və menşeviklərə baxdı. Onlardan bir səs çıxmadı, buna görə də sözünə davam etdi: – Sovet hökuməti bizə çoxlu ləvazimat göndərir, bu gün Həştərxandan beş barj vəsait gələcək. Bu gələn ləvazimat 80 top, 160 pulemyot, 10000 tüfəng, 200000 patron, əlbisə və bir çox sair şeylərdən ibarətdir. Rusiya bu günə qədər bizdən heç bir şey əsirgəməmişdir. Yenə də əsirgəmir və indi də hər cür qüvvə verməkdən boyun qaçırmır. Yaxşı olar ki, yabançılarla əlaqəyə girişməkdənsə, yenə Sovetlər Rusiyasına müraciət edək. Menşevik, sağ daşnaq və sağ eserlər Şaumyanın bu sözünə etina etmədilər. Onlar yenə də bir-birilə burunlaşmağa və etinasız nəzərlər ilə Şaumyana baxmağa davam etdilər. Bu etinasızlıq Şaumyanın mətanətini qıra bilmədi, o bir daha düşmənlərə müraciətlə: – Rusiyadan bizə kömək gəlincəyə qədər öz proletar qüvvəmizi, ordunu və donanmanı səfərbərliyə alaq! Mən Mərkəzi hökumətlə əlaqəni kəsməmək üçün ingilislərin dəvəti məsələsini gündəlik müzakirədən götürməyi təklif edirəm. Gəlin ingilisləri dəvət etmək məsələsi əvəzinə Rusiya Sovet hökumətinin yardımı və ümumi qüvvə ilə cəbhəni müdafiə məsələsini müzakirə edək. Sürəkli alqış gurultusu salonu bürüdü. Leyla xanım dərin düşüncəyə dalmışdı. O, ingilislərin türklərdən əvvəl Bakını alacağını yəqin etmişdi. O, bu günə qədər ingilislərin gəlməsinə inanmırdı, lakin bu gün, türklərə qarşı yeni və qüvvətli bir maneə çıxacağını düşünürdü. O yerindən qalxıb Sadovskinin yanında oturdu və qulağına pıçıldadı: – Demək ki, bizim son görüşümüzdür,—dedi,—iclas da bunu göstərir. Belə deyilmi?—Sadovski soruşdu: – Nə üçün? – Çünki ingilislər Bakıya gəlir. Bahadır xan həzrətləri də gələcəkdir. Ondan sonra biz görüşə bilmərik. Çünki o, çox qısqancdır. Sadovski bir az düşünərək dedi: – Siz bunu mənə nə üçün vaxtında söyləmədiniz? İndi ki, siz mənimlə səmimi yaşamaq fikrində deyildiniz açıq söyləməli idiniz. İndi mən nə edə bilərəm? İş ki, gəlib bu yerə çatmışdır, mən fraksiya nümayəndələrinə nə deyə bilərəm?! – Mən işin həqiqət olacağına inanmırdım, çünki sizin nəticəsiz iclasınız, məqsədsiz danışıqlarınız həddindən çoxdur, siz öz əliniz və öz iqdamınız ilə ayrılmağımıza səbəb oldunuz. Məni ölənə qədər əzablar içərisinə saldınız. Sadovski Leyla xanımın əllərindən tutub yalvarıcı və tövbəedici halda dedi: – Mənim mələyim, gecdir, iş-işdən keçmişdir. Mən sənin uğrunda heç bir fədakarlıqdan çəkinməzdim. Lakin məsələlər fraksiyalarda həll edilmişdir və üzvlərin hər birinə göstəriş verilmişdir. Mən indi iki saat bundan əvvəl dediklərimin əleyhinə getsəm özümü məhv etmiş və II İnternasionala xain çıxmış olaram. Zənnimcə Bahadır xan da mədəni bir zatdır. O, heç vaxt sizin azadlığınıza mane olmaz. O, bizim səmimi dostluğumuza şübhəli nəzərlə baxmaz. Biz yenə də səadətlə, məhəbbətlə yaşar və istiqbalımızın xoşbəxtliyinə ümid bəslərik. Leyla xanım daha danışmadı. O, Şaumyanı dinləməyə başladı. Çünki o, iş-işdən keçdiyini bilirdi. Bu vaxt Ester də yerindən qalxıb Avetisovun yanında oturdu və yavaşdan ona dedi: – Əcəba, Şaumyan düz demirmi? İngilisləri dəvət məsələsini müzakirədən götürmək lazım deyilmi? Avetisov ilə yan-yana oturan Ayollo söhbətə müdaxilə edərək: – Yox, xanım qız, yanılırsınız!—dedi.—Bolşevikləri burada buraxsaq daha tuta bilmərik. Bir tərəfdən türklər Bakının qapılarındadır, o biri tərəfdən ingilislər Ənzəlidədir. Üçüncü tərəfdən işçilər bu fikirdədir ki, aclıq və çətinliyə səbəb bolşeviklərdir. Buna görə də Zaqafqaziyada bolşevikləri məhv etmək üçün ən əlverişli zamandır. Şaumyan nitqinə davam edirdi. O öz müfəssəl çıxışından menşevik, daşnaq və esərlərin Mərkəzi hökumətə qarşı xəyanətini, Bakı proletariatını satmaq istədiklərini faktlarla göstərdi və bolşeviklərin sürəkli alqışları ilə sözünü bitirdi. Alyoşa Caparidze yerindən qalxdı, üzünü iclasa tutub dedi: – Mərkəzi hökumət nümayəndəsi sözünü bitirdi. Onu dinlədik. İndi də bu məsələ ətrafında müzakirə açmalıyıq. Bütün partiyaların nümayəndələri mübahisəyə yazıldı. Ayollo, Sadovski, Elçiyan, Karqanov, Tumanyan və sairlər çıxışda bulundular. Nəticədə sağ eser, daşnaq və menşevik nümayəndələri tarixi xəyanətlərinə yekun vurmaqla, Mərkəzi hökumətdən əlaqəni kəsmək və ingilisləri Bakıya dəvət etmək üzərində möhkəm durdular. Məşədi bəy Əzizbəyov xitabət kürsüsünə yanaşdı. Leyla isə Sadovskiyə müraciətlə soruşdu: – Bu islammıdır? – Xeyr! Bunlarda din və məzhəb yoxdur. Özü azərbaycanlı olsa da dinsiz bolşevikdir. Məşədi bəy danışmağa başladı: – Biz burada iki dildə danışırıq. Bunun üçün də bir-birimizi anlamırıq. İki dildən biri Federativ Sovetlər Respublikasının dili, o biri də bu dilin əleyhinə danışan məclisi-müəssisan dili və sairlərinin dilindən ibarətdir. Mən indi bir neçə söz də cəbhə barəsində danışacağam. Cəbhə barəsində Karqanov bir söz, Biçeraxov da başqa söz deyir. İndi sizin fikriniz nədir? İnqilabın mənafeyi və interesi kimlər üçün çox qiymətlidir? Karqanov üçünmü? Yoxsa Biçeraxov üçünmü?! İnkilisləri dəvət etmək məsələsində deməliyəm ki, onlarda mühüm qüvvə olsaydı, türklərin Bakıya hücumu zamanı bizim dəvətimiz olmadan da Bakını işğal edərdilər. Nə üçün onlar üç yüz minlik orduları ilə bura gəlmirlər? Görünür ki, bu qüvvə onlarda yoxdur. Mən sizə fakt göstərə bilərəm. İrandan yeni gəlmiş tanışların dediyinə görə, ingilislərin Rəşt şəhərində min nəfərdən artıq adamları yoxdur. Bu min nəfər də aldanıb gətirilən hindlilər və ərəblərdir. Buna heç şübhə yoxdur ki, onlar da bura gəlirkən öz canlarını bizim yolumuzda qurban vermək istəməyəcəklər. Tutalım ki, ingilislər gəlib türkləri əzdi. Sonra biz, ingilisləri buradan çıxara bilərikmi? Məşədi bəy sözünü bitirdi. İclasın sədri Alyoşa Caparidze özü danışmağa başladı: – Biz burada, mitinqdə deyilik. Məni çox sakit halda dinləyin. Mən bir fraksiyaçı natiq kimi yox, Sovet və İcraiyyə komitəsi sədri kimi danışıram, çünki məncə burada tək-tək partiya və fraksiyaların məsələsi deyil, bütün Bakının və Sovet hökumətinin taleyi və müqəddəratı həll olunur. Belə bir məsul dəqiqələrdə isə mən bir çox natiqləri anlaya bilmədim. Mən daşnaqsütyun partiyasına müraciət edirəm: Belə məsul bir zamanda partiyamızın rəsmi nümayəndəsindən belə izahatı qətiyyən gözləmirdik. Siz Mirakyan və Elçiyanın keçən iclasdakı nitqi ilə bu gün dediklərini müqayisə edin, görün onların arasında nə qədər fərq var! Bu nitqlər yazılıb bir müddətdən sonra erməni işçilərinə oxunsa, sizin siyasətiniz üçün bir ittihamnamə olar... Alyoşanın sözləri bütün salonu yerindən oynatdı. Arasıkəsilməz, gurultulu alqışlardan avizələr titrədi. Alqış kəsilər-kəsilməz, Caparidze davam etdi. – Yoldaşlar! Siz diqqət edin! Bəzi daşnaqlar da mənim sözlərimi alqışlayırlar. ...Bəli! Elə nitqləri eşitməyin özü, iclasımız üçün böyük nöqsandır. Vaxtilə Almaniya, Türkiyəyə müraciət edən və dəmir yolları açaraq alman-türk ordusunu Bakıya tərəf buraxan bir partiya nümayəndəsinin nitqini dinləmək mənə çox qəribə gəlir. Alyoşa Caparidzenin bu sözündən sonra iclas salonunda səs-küy düşdü. Leyla Ayollonun qulağına əyilərək soruşdu: – Hansı partiyanı demək istəyir? – Menşevikləri deyir! Leyla Sadovskiyə dönərək soruşdu: – Əcəba, türkləri Bakıya gətirən menşeviklərmidir? Bu doğrumudur? Məncə bu sizə böhtandır. Sadovski çox qəti bir surətdə dedi: – Doğrudur. Ölkəni bolşeviklərdən təmizləmək üçün bu lazım idi. Səs-küyə baxmayaraq Caparidze sözünü kəsmədi. Menşeviklərə müraciətlə dedi: – Sizinlə bir familiyada olan Ramişvilinin özü mənə radio ilə dedi ki, «Alman-türk ordusuna Zaqafqaziya dəmir yollarından keçmək ixtiyarı verilmişdir». Mənim bunları söyləməkdən məqsədim, sizinlə hesablaşmaq deyil, bəlkə də sizin səs verdiyiniz hər bir kəsə şüur ilə yanaşmalı olduğunuzu xatırlatmaqdır. Burada donanma adından Rozenblyum çıxışda bulundu. Bunun və Nəccarovun yenə bir dəfə donanma adından çıxışda bulunduqları yadımdadır. Lakin sonradan sizin özünüz bu çıxışdan xəcalət çəkdiniz və səhv etdiyinizi boynunuza götürdünüz. Sizi Sovet hökuməti ilə barışmamaq və anlaşmamağa onlar məcbur etdi. Bunun üçün bir qərar da çıxardılar. Bu səhvləri düzəltmək yenə də mümkün idi, lakin hazırda onlar sizi elə bir uçuruma salacaqlar ki, heç bir vaxt çıxa bilməyəcəksiniz. Mən yaxşı bilirəm ki, Rozenblyum və Nəccarov Sovet hökumətinin şüurlu düşmənidir. Onlar daima Sovet hökuməti ilə mübarizə aparmış və aparacaqdırlar. Hətta sağ eser partiyası belə, hazırda sizin lideriniz olan Nəccarova hücum etmişdi. İndisə mən bütün əməkçilərə müraciətlə deyirəm: ingilislər Bakıya çağrılsa belə, yenə də bizim nicatımız vahid cəbhə təşkilindədir. Gurultu qopdu və səs qalxdı, alqışlar, etirazlar yağmağa və iki tərəfin səsi bir-birinə qarışmağa başladı. Səslərə baxmayaraq Caparidze danışırdı: – İngilisləri Bakıya gətirməklə, siz üzərində oturduğunuz budağı kəsəcəksiniz. Siz Bakı Sovetinin dağılmasına nail olmaqla, İngiltərə kapitalı, ingilis təlimatçıları və ingilis avtomaşınlarından başqa bir şey görə bilməyəcəksiniz. Bununla da bizim inqilabi demokratik Rusiya ilə olan əlaqəmizi kəsmiş olacaqsınız. Mən sizə deyirəm: ingilisləri çağırmayın! Çünki bununla Sovet hökumətini məhv edər və Bakını Rusiyadan ayırarsınız. Sizin bu səhviniz heç vaxt islah olunmaz! Yerlərdən etiraz və təqdiredici səslər yüksəldi. Düşmən partiyaları nümayəndələri qabaqcadan əzbərlədikləri sözləri deyirdilər. Bolşevik nümayəndələr isə öz əziz və sevimli natiqlərini hərarətlə alqışlayırdılar. Caparidze üzünü etirazçılara tutub dedi: – Mən etiraz səslərini, heç bir zaman Bakı Soveti ilə barışmayan və həmişə ona qarşı mübarizə aparanlardan eşidirəm. Sizin, ingilisləri Bakıya çağırmaq haqqındakı qətnaməniz, Bakı Sovetinə bir ölüm zərbəsi olacaqdır. Müzakirə kəsildi. Axşam saat doqquz on beş dəqiqədə tənəffüs elan olundu. Salon bir-birinə qarışdı. Partiya liderləri öz üzvlərini aradı. Salonda, dəhlizdə, balkonda, qapı dalında toplanan bolşevik düşmənləri iclasdan aldıqları təsir nəticəsində əvvəlki fikirlərinə yeni əlavələr etdilər. Bolşeviklər isə bir otağa çəkilib öz tarixi və son qətnamələrini hazırlayırdılar. Simasında bütün Rusiya proletariatının və gənc Sovetlər respublikasının əzəmətini təcəssüm etdirən Bakı bolşevikləri, mərkəzlə olan əlaqəsizlik nəticəsində məğlubiyyət və süqut ərəfəsində olmalarına baxmayaraq, yenə də Sovet hökumətinə sadiq qalan Bakı Soveti tərəfində duran Bakı proletariatına rəhbərlik etməyi və menşeviklərin xəyanətini açmağı qərara aldılar. Tənəffüs bitdi, zəng vuruldu. Menşeviklər hamıdan əvvəl salona soxularaq, hər kəs öz qəzetini və yaxud papağını qoyduğu kürsüsündə oturub karandaş və bloknot hazırladı, eynəklər taxıldı. Alyoşa Caparidze ayağa qalxdı. Adamların toplanıb-toplanmadığını nəzərdən keçirirkən menşevik, sağ eserlər, sağ daşnaq nümayəndələrindən səs eşidildi: – Başlayın! Başlayın!—dedilər. Bunu deyənlər, zəminəsi hazırlanmış olan tarixi xəyanətə yekun vurmaq istəyənlər, insanlığın əbədi lənətini qazanmağa çalışanlar idi. Caparidze danışdı: – İki qətnamə var,—dedi,—biri bolşeviklərin, sol eser və sol daşnaqların; ikincisi isə sağ eserlər, sağ daşnaq və menşeviklərin qətnaməsidir. İlk əvvəl bolşeviklərin qətnaməsi oxundu: Qətnamə İşçi, kəndli, matros və Qızıl Ordu nümayəndələrinin Bakı Soveti və rayon Sovetləri nümayəndələri, Mərkəzi Kaspi və Qafqaz ordusunun hərbi inqilab komitəsi, dəniz və bölük komitələri nümayəndələri, 25 iyulda cəbhədən qayıtmış nümayəndələrin məruzəsini dinlədikdən sonra, Bakı şəhərinin hərbi vəziyyətini müzakirə edərək qərara alır: Cəbhədən qayıdan və yorğunluğunu alan Qızıl Ordu dəstələrinin təcili surətdə yenidən təşkil olunması, hərbi qabiliyyətə malik vahid bir şəklə salınması üçün tədbir görülməsi, İcraiyyə Komitəsi və Komissarlar Sovetinə tapşırılsın. Bakıda miqdarı minlərə varan və hərbi təlim keçərək bu günə qədər səfərbərlik edilməyən, yaxud fərari olan saldatları bir yerə toplayaraq onlardan hərbi hissələr təşkil edilsin. Səfərbərliyi sürətlə və müvəffəqiyyətlə həyata keçirmək üçün qəti caza qanunları tətbiqindən çəkinməmək və bunun üçün lazımi tədbirlər görmək Komissarlar Sovetinə həvalə edilsin. Bakının müdafiə işini gücləndirmək üçün qoşun göndərilməsi barəsində Rusiya Sovetlər Respublikasına müraciət olunsun. İngilislərin Bakıya dəvət edilməsi məsələsində, belə qərar: a) İngiltərə qoşunlarının Bakı ətrafında görünməsinə — Bakının İngiltərə imperializmi tərəfindən istilası və Sovetlər Rusiyasından ayrılması kimi baxmalı. b) Bu kimi təşviqat (ingilisləri çağırmaq təşviqatının) daxili inqilabi cəbhəni dağıtması və orduda pozğunluq törətməsi, onun mənəvi qüvvəsini azaltması, yeni hissələr təşkilinə və ingilislərsiz də müdafiə işini məhv etməsini nəzəri-diqqətə almalıdır. v) Bakı Soveti beşinci Sovetlər qurultayının, Rusiya torpağına heç bir imperialist dövlətin dəvət edilməməsi barədəki qərarını, Mərkəzi hökumətin ingilisləri Bakıya buraxmamaq barəsində göstərişini nəzərə alaraq qət edir ki, Bakı öz qüvvəsi ilə və inqilabi Rusiyanın qüvvəsi ilə müdafiə olunsun və pozucu təşviqata nəhayət verilsin. Bolşeviklərin qətnaməsi böyük alqışlarla qarşılandıqdan sonra iclas salonunda yeni bir gurultu qopdu. Rozenblyum dodaqları titrəyə-titrəyə ayağa qalxaraq yenə də oturdu. Sağ daşnaq, sağ eserlərin qətnaməsi elan olunduqdan sonra Ayollo söz alıb danışdı: – Biz sağ eser və sağ daşnaqların çıxardığı qətnaməyə razıyıq,—dedi. Bundan sonra menşeviklərin səsində, ürəyində, oturuşunda, baxışında və bütün hərəkətlərində ingilisləri Bakıya dəvət etməyə razı olduqları aydın idi. Ayollo öz çıxışında belə bir qeyd də etdi: – Mən ingilislərin Bakıya dəvət edilməməsi üçün, bütün partiyaların hökumət heyətinə daxil olması şərtini təklif edirəm. Ayollo və Elçiyan ingilisləri dəvət etmək üzərində uzun-uzadı danışdı. Bunlardan sonra sədr, Şaumyan tərəfindən düzəldilmiş və bir neçə dəqiqə bundan əvvəl elan edilmiş qətnaməni səsə qoydu. Bir neçə dəqiqədən sonra sədr səslərin nəticəsini elan etdi: – Bolşeviklərin qətnaməsi 236 səs! Soldan şiddətli və sürəkli alqış səsləri eşidildi. Sədr: – İndi də sağ eser, sağ daşnaq və menşeviklərin qətnamələrini səsə qoyuram,—dedi. Beş dəqiqədən sonra sədrin yenə də səsi eşidildi. – 259 səs! Bu, sağların qələbəsini göstərirdi. Xəyanətin dəhşətli zəlzələsi salonu tərpətdi. Bolşevik düşmənləri 23 səsin üstünlüyü ilə əksəriyyət qazanmışdılar. Salondakı gurultunu sakit etmək mümkün deyildi. Nəhayət sədr: – Bolşeviklər və sol eserlərdən gələn məktublarda tənəffüs elan edilməsini təklif edirlər,—dedikdə, Şaumyan yerindən qalxaraq növbədən kənar söz aldı və dedi: – Sağ eserlərin və onların həmməsləklərinin qətnaməsi bolşeviklərin qətnaməsindən 23 artıq səs alır. Bu da sağların şadlığına və şənliyinə səbəb oldu. İndi mən sizə sual verirəm: nə üçün qırıldaşırsınız?! Siz ingilisləri tapmamış Rusiya Mərkəzi hökumətini itirdiniz, siz hələ ingilisləri tapmamış bizi də itirdiniz. Soldan gurultulu alqışlar qopdu və Şaumyan alqışlarla sözünə davam etdi. – Yoldaşlar! Mən Mərkəzi hökumətin nümayəndəsi kimi indiyə qədər gördüyüm işlər və tələb olunan yüz milyon pul və bir milyardlıq silah üçün qoyduğum imzaya məsulam. Mən Sovetlər hökumətinin məsul nümayəndəsi sifəti ilə bu xəyanətə qarşı qəti etiraz edirəm. Sağlardan qışqırtı, bolşeviklər, sol eser və sol daşnaqlardan isə alqış səsləri eşidilməyə başladı. Şaumyan yenə də: – Mən Mərkəzi hökumətin nümayəndəsi olaraq gələcək siyasətin bütün məsuliyyətini öhdəmdən atdığımı xəbər verirəm. Eyni zamanda mən öhdəmizə heç bir məsuliyyət götürməyəcəyimizi partiyamız tərəfindən elan edirəm. Sədr yenə tənəffüs elan etdi. Tənəffüs zamanı kütlələr qapıda toplanıb həlledici iclasın nəticələrini gözləyirkən cəbhədə qanlı vuruşmalar davam edirkən, düşmən Bakıya soxulmaq üçün bütün qüvvəsini toplarkən, bolşevizm düşmənləri də var qüvvələri ilə çalışıb birliyi pozmağa səy edirdilər. Onlar bolşeviklərdən sonra quracaqları hökumət haqqında və son iclasdakı müvəffəqiyyətləri haqqında danışıb düşünürdülər. Bolşevik, sol eser və sol daşnaq nümayəndələri də xüsusi bir otağa çəkilərək məsələni müzakirə etməkdə idilər. İclasın davamı gecə, saat on iki otuz dəqiqədə başladı. Sədr zəngi vurdu, iclası açdı. İlk söz fraksiya nümayəndələrinə verildiyi üçün Şaumyan danışdı: – Yoldaşlar!—dedi.—Üç fraksiyanın bolşevik, sol eser və sol daşnaq fraksiyasının tapşırığı ilə, mən aşağıdakı bəyanatı verirəm: Qəbul olunmuş qətnamədə üç maddə var: birində, ingilisləri Bakıya dəvət etmək, ikincisində koalision bir hökumət düzəltmək, üçüncü maddədə isə Bakı Sovetinin Mərkəzi hökuməti tanımaqdan imtina etməsi tələb olunur. Yerlərdən: «Doğru deyil! Doğru deyil!» səsləri ucaldı. Şaumyan davam etdi: – Camaatı aldatmaq istəməyən namuslu adamlar mənim bəyanatıma etiraz etməz. Budur, qətnamədə qəbul edilən üç maddə! Buna görə də mən üç fraksiyanın adından deyirəm: biz ingilislərin Bakıya çağırılmasını bütün işçi sinfinə və inqilabi Rusiyaya bir xəyanət hesab edirik, bu xəyanətə biz səs vermirik. Biz sizin bu siyasətinizi heç bir zaman müdafiə edə bilmərik. Yerlərdən gurultulu alqış qopur, soldan «doğrudur! Doğrudur!» səsləri eşidilirdi. Şaumyan ucadan danışırdı: – İkinci maddə də koalision hökumət təşkilini və Soveta daxil bütün partiyaların oraya daxil olmasını təklif edirlər, biz deyirik ki, hökumət üzvi bir orqandır. O ancaq vahid məsləkli olduqda gözəl işləyə bilər. Xüsusən belə çətin dəqiqələrdə ancaq belə hökumətlə biz, bütün partiyaları: cəbhəni müdafiə etməyə və bütün işçiləri birləşdirmək uğrunda işləməyə dəvət edirik. Bolşeviklərin fraksiyaçılıq siyasəti haqqında danışanlar həyasızcasına iftira deyirlər. Biz heç vəchilə və heç bir koalision hökumətdə iştirak etməyəcəyik. Yenə sol fraksiyalardan alqışlar eşidildi: Şaumyan, başqa bir məsələyə keçərək dedi: – Sovet üzvlərinin əksəriyyəti, yalnız yerlərdə Sovet hökumətini tanıyaraq, Rusiya Sovet hökumətini tanımaqdan imtina etdiyinə görə, bizcə donanmadan gələn yoldaşlar, buna səs verirkən məsələni yaxşı anlamamışlar. Şaumyanın bu sözündən sonra yenə də salonda küy düşdü. Şaumyan səsini kəsmədi: – Bu qətnaməyə daşnaqlar da səs verdi. Halbuki, dünən onlar öz konfranslarında Rusiya və Bakı Sovet hökumətini qəbul edib tanıyacaqlarını və heç bir dəyişikliyə razı olmayacaqlarını qərara almışdılar. Onlar bu gün heç də düşünmədən səs verdilər. Soldan yenə gurultulu alqışlar qopdu. Şaumyan üzünü qarşıda oturan düşmən partiya fraksiyası nümayəndələrinə tutdu. – Bu şəraitdə,—dedi,—bizim müvəffəqiyyətsizliyimizdən istifadə edərək belə qətnamə qəbul edənlər, sizinlə bizim aramızda bütün əlaqələri qırmaqla xəyanət cəbhəsi tutdular. Belə bir xain siyasət üçün biz məsuliyyəti öz öhdəmizdən atırıq və xalq komissarlığı vəzifəsindən boyun qaçırırıq. «Doğrudur! Doğrudur!» səsləri və alqışlardan sonra Şaumyan oturub yenə də qalxdı və xitabət kürsüsünə gəldi. Saat bir qırx dəqiqədə Caparidze qızarmış bir halda ayağa qalxaraq: – İclası qapalı elan edirəm!—dedi. * * * 1 Səslərin cəmi 427-dir. Lakin biz tarixi sənədlərdə göstərilən rəqəmi saxladıq. (Müəllif). * * * XV. Biçeraxov cəbhədən çəkilir Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu. Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü. İclas yenicə bitmişdi. Araratyan qonaqları yola salıb iş otağına qayıtdıqda poçt xidmətçisi qapını vurub üç bağlı məktub gətirdi. Məktublardan birisi Estərə, ikisi isə Araratyana yazılmışdı. Araratyan məktubun birini açdı. Bu məktub cəbhədən, miralay Avetisov tərəfindən yazılmışdı. Məktub Araratyanı çaşdırdı. Orada qara bir xəbər vardı: Möhtərəm doktor! İş-işdən keçmişdir. Türk qoşunları şəhərə yaxınlaşmaqdadır. Məktubumu Biləcəri stansiyasından yazıram. Hər halda, başınızın çarəsini düşünün. Çünki Biçeraxov cəbhəni tərk etdi. Hazırda onun cəbhədən çəkilən qüvvələri Sumqayıt stansiyası tərəflərinə toplanaraq şimala doğru getməyə hazırlaşırdı. Hazırda cəbhədə iki yüz nəfər bizdən, iki yüz nəfər də Petrovun dəstəsindən qalmışdır. Bizim erməni qoşunları paltarsız olduqları üçün, müharibədə iştirak etməkdən boyun qaçırırlar. Onlar qoşun rəhbərlərinin icazəsi olmadan, cəbhəni buraxıb şəhərə çəkilməkdədirlər. Çəkilməkdə olan qoşun hissələri, şəhərin ətrafında göstərilən mövqeləri işğal etməkdən də boyun qaçırırlar! Cənab doktor, Bakının taleyi həll olunmaqdadır, məsələ olduqca qorxuludur, bu saat otuz iki kilometrdən ibarət olan cəbhəni yalnız dörd yüz nəfərlik qüvvə müdafiə edir. Halbuki, düşmən böyük bir qüvvə ilə irəliləməkdədir. Yerində danışmaq və məsələni ciddi bir surətdə müzakirə etmək lazımdır. Mən cənab doktora bir neçə gün bundan əvvəl dediyim kimi, yenə də fürsət əldə ikən xatırladıram. Günü günə satmaq yaramaz! Mən gələcəyi indidən görüb danışırdım! Yenə də təkrar edirəm: həyatımız qorxu altındadır. Kəşfiyyat pilotlarının göstərdiyinə görə düşmən böyük qüvvə ilə sürətli surətdə Bakı üzərinə yürüməkdədir. Gələn qoşun, müntəzəm türk qoşunudur. Cənab doktor, açıq demək lazımdır. İndi ağ bayraq qaldırıb sülh müzakirəsinə girişməyin tam vaxtıdır. Çox təəssüf ki, vəziyyəti nəzərə almayaraq Komissarlar Soveti bizdən müharibəni davam etdirməyi tələb edir. Buna görə də siz Komissarlar Sovetində qəti surətdə sülh müzakirəsinə girişmək məsələsini qoymalısınız. Cənab doktor, təxir yaramaz, yoxsa yüz altmış minlik əhalinin fəlakətinə siz cavab verməli olacaqsınız. Qüsur nə sizdə, nə də bizdədir. Allah bəlasını vermiş Biçeraxovun və eyni zamanda Hamazasbın komandasında olan erməni batalyonunun çəkilməsi Bakı qapılarını türk ordusunun üzünə açdı. Digər tərəfdən də bu iş müharibədən boyun qaçırmaq məsuliyyətini bizim öhdəmizdən götürdü, qoy tarixi məsuliyyət onların öhdəsində qalsın. Hər halda siz və tanışlarınız hazırlıqda olmalısınız. Avetisov. 29 iyul, 1918-ci il», Bu məktubu oxuduqda Araratyan tamamilə çıxılmaz vəziyyətdə qaldı, çünki ingilislərdən qabaq türklərin Bakıya girməsi, Araratyanın ingilis general Denster-Vil cənablarına verdiyi vədin əleyhinə olan bir hadisə idi. Araratyan bir qədər düşündükdən sonra dəliçəsinə dedi: – Biz daha Bakıda nə üçün oturmuşuq! Atasının bu hərəkətindən Ester də diksinərək soruşdu: – Bir hadisəmi vardır? – Hadisə yox, fəlakət və dəhşət vardır. Bütün arzularımız boşa çıxdı, düşmən şəhərə yaxınlaşır. Araratyan Avetisovun məktubunu bir tərəfə ataraq ikinci məktubu açdı. Bu məktub Hamazasb tərəfindən yazılmışdı, Ester çox tələsirdi, o tez-tez: – Papa, oxuyun! Oxuyun!—deyə Araratyanı tələsdirirdi. Araratyan məktubu bir kərə başdan ayağa kimi oxuyaraq düşündü, sonra da Ester üçün oxumağa başladı: «Möhtərəm doktor! Bu məktubu sizə yazdıqda özüm də sıxılıram. Lakin qəzavü-qədərin qarşısında baş əyməmək mümkün deyildir. Biz bu müharibədə çox cürət və cəsarət göstərdik. Lakin vəziyyət qalibiyyətimizə mane oldu. Çünki türklərə qarşı vuruşan ordumuz içərisində plan və iş birliyi yox idi. Hər alayın və hər bölüyün özünə görə müharibə və hərəkət planı var idi. Lazımi vaxtında ümumi qüvvəni, vahid qüvvə kimi düşmənə qarşı qoymaq mümkün olmurdu. Belə də olmalı idi. Çünki biz bolşevik dəstəsi ilə Moskvadan gələn Petrovun planları ilə heç vaxt razılaşa bilməyəcik idik, o, general Dukaçiyevin hərbi hərəkət planlarını tənqid ilə əlavələr edirdi. Buna birinci olaraq mən və mənim batalyonum qarşı çıxdıq. Cəbhəni buraxmaq, yainki müdafiə etmək üçün hərbi sovetin çağırılmasını tələb etdik. Hərbi sovet çağırdıq. Biçeraxov soveta daxil olmadı, çünki o sovetdən qabaq da öz qüvvələrini geri çəkməyə başlamışdı. Bolşeviklər isə yenə də cəbhəni saxlamağı və Rusiyadan kömək gəlincəyə qədər türkləri şəhərə buraxmamağı tələb etdilər. Lakin bu tələb yersiz tələb idi. Çünki Biçeraxov çəkilmişdi. Hamıdan qorxaq olan miralay Avetisov da açıq deməsə də çəkilmək tərəfdarı idi, nəhayət mən açıq qəlbli bir zabit kimi dedim: «Doğrudur, bolşeviklər bizdən cəsarət tələb edirlər. Lakin biz lazım olan cəsarəti göstərmişik. Artıq cəsarət göstərə bilməyəcəyik, çünki ifrat cəsarət vəhşilik əlamətidir». Bu saatda hərbi sovet bitdi. Qoşun rəhbərləri bundan sonra cəbhəni saxlamağın mümkün olmadığını bir səslə qərara aldılar. Onu da deməliyəm ki, bu məğlubiyyətin əsas müqəssirlərindən biri də allah bəlasını vermiş Avetisovdur. Nə isə, iş-işdən keçmişdir. Türklərlə sülh müzakirəsinə girişmək lazımdır. Bəlkə bununla qabaqda gözlədiyimiz böyük bədbəxtliyin qarşısını ala bildik. Bu barədə Komissarlar Sovetinə təsir etmək lazımdır. Cənab doktor, heç də qorxuya düşməyin. Nə qədər Hamazasb sağdır, sizin ailənizin başından bir tük belə əskik olmaz. Mənim batalyonum yenə də Bakıya daxil olurkən, sizi müdafiə edəcəkdir. Hamazasb. 29 iyul». Araratyan əlini uzadaraq stolun üzərindən Avetisovun məktubunu götürdü. Məktubların hər ikisini oxudu və hər ikisinə tüpürdü. – Siz alçaq, tülkü qədər hiyləkar və eyni zamanda dovşan qədər qorxaqsınız!—dedi. Araratyan məktubları yerə atdı və qalxaraq otağı dolaşmağa başladı. Bir neçə dəqiqədən sonra telefona yanaşıb Şved konsulunu səslədi: – Cənab konsulu telefona çağırmaq mümkünmüdür?—dedi.—Konsul cənablarının özləridirmi?!. Danışan doktor Araratyandır... Təşəkkürüm vardır... Sizi rahətsiz etdim, bağışlayın, Xeyr!.. Xeyr! Mən erməni xalqının sizə olan səmimi ehtiramını bir daha təkrar edirəm... Bəli!... Bəli!.. Xeyr!.. Xeyr!.. Mən yalnız iyulun 24-də sizə ərz elədiyim məsələ haqqında danışmaq istəyirəm. Bəli!.. Haman məsələ! Himayə məsələsi! Doğrudur!.. Şübhəsizdir! Bu saat aldığım məktubda cəbhənin pozulduğu və türklərin şəhərə yaxınlaşdığı göstərilir... nə eybi vardır. Erməni milli soveti adından rəsmi surətdə sizə yazıb erməni xalqının himayəsini rica edirəm... sabah tezdən, rəsmi surətdə konsulxanaya göndərərəm. Əmin ola bilərəm ki?! Çox razıyam! Şübhəsiz... şübhəsiz... Cənab konsulun insaniyyətpərvərliyi haqqındakı qeydlərimizi bütün Avropa mətbuatına göndərəcəyik... Sabah... bəli... yarın... cənab konsulun özü də təşrif aparmalıdır... Bundan sonra da doktor Araratyan trubkanı yerə qoymayaraq, milli sovet üzvlərini bir-bir səslədi. Əvvəlcə miralay Avetisov və Hamazasbın məktubları haqqında danışdı, sonra da: «Biz türklərdən nə üçün qorxuruq,—dedi,—əvvəla türklər bizim eşitdiyimiz vəhşi türklər deyildir. Bundan da əlavə Şved konsulu bizim himayəmizi öz öhdəsinə götürmüşdür. Bu saatda cənab konsul ilə danışdım. O, ayın 24-də verdiyi sözünün üstündə möhkəm durmuşdur. Sabah tezdən Şved konsuluna erməni milli soveti adından rəsmi məktub göndərəcəyəm. Türkiyə ərkani-hərbinə sülh nümayəndələri göndərirkən cənab konsulun özü də sülh nümayəndələri ilə bərabər getməyi öhdəsinə götürdü. Biz indi əmin ola bilərik, hər halda bolşevik məsələsi həll edilir. İngilislərə verdiyimiz vədlərə gəldikdə bütün qüsurları Biçeraxovun öhdəsində qoya bilərik. Çünki cəbhəni hamıdan əvvəl Biçeraxov tərk etmişdir». Ester bütün məsələdən xəbərdar oldu, bundan da sonra öz otağına keçərək öz adresinə gələn məktubu oxumağa başladı. Ester məktubu oxuyan kimi çarpayının üzərinə yıxılaraq şiddətlə ağladı. Leyla xanım heç gözləmədən qapını açıb otağa girdi, Esterin ağladığını görürkən bir hadisə üz verdiyini dərhal anladı və məktubu stol üstündən götürüb oxudu: «Gözəl və eyni zamanda şıltaqçı Ester! Bu məktub son məktubdur. Bundan sonra üz-üzə danışacağıq, çünki bu gün, yaxud sabah Bakıda olacağam. Sənin məsələni silah gücünə də olsa bitirməliyəm. İndi artıq sənin işinlə məşğul olmağa vaxtım vardır, çünki cəbhə fikri və müharibə məşğuliyyəti bitmişdir. Cəbhəni buraxıb şəhərə çəkilirəm. Mən indiyə qədər ixtilaf çıxarmaq istəmirdim, sənin məsələn üzərində ixtilaf çıxarmaq müharibənin və cəbhənin vəziyyətinə də təsir edə bilərdi. Artıq belə bir qorxuya lüzum yoxdur. Hazırda cəbhə dağılır. Hər kəs başını alıb bir tərəfə gedir. Mənsə batalyonumu şəhərə gətirirəm. Hazırlaşmalısan. Bu sözü sənə qəti olaraq yazıram. Bu işim ümidsizliklə qurtardığı təqdirdə səni də, Avetisovu da, atanı da məhv edəcəyəm. Sən yəqin et ki, Hamazasb səni ya diri, ya ölü əldə edəcəkdir. Sənin məsələni bitirmədən bir tərəfə getməyəcəyəm. Səni bərabər götürüb İrana və oradan da Fransaya aparacağam. Sənin igid və qəhrəman saydığın və mənə tərcih verdiyin Avetisov bizim məğlubiyyətimizə səbəb oldu. İndi də qorxaq bir dovşan kimi türklərdən barışıq rica edir. Hamazasb. Biləcəri, 29 iyul, 1918-ci il». Leyla məktubu oxuyandan sonra bir neçə saniyə Esteri və məktubu gözdən keçirərək nə cürə rəftar edəcəyi və nə edəcəyini düşündü. Cəbhənin dağılmasından şad olsa belə, yenə də Esterin vəziyyətinə acıdı və ona yazığı gəldi. Onun saçlarını sığallayaraq: – Sən heç də qorxma!—dedi,—mən səni Hamazasbın pəncəsindən qurtarmaq üçün səmimi söz verirəm. Sənə əvvəl dediyim kimi indi də deyirəm. Sən ona əhəmiyyət vermə! Mən səni öz yanımda saxlayacağam. Türklər ya ingilislər gəlsə də sənin üçün heç bir qorxu yoxdur. Bir tərəfə getmək lazım gəlsə yenə birlikdə gedərik. Leyla stol üzərində ikinci bir məktub gördü və oxudu: «Gözəl və sevimli Ester! Hadisələr bir-birini təqib edir. Dünyamız sürətlə dəyişir. Eniş-yoxuşlu həyatımızın gələcəyi olduqca qorxuludur. Gözəl Ester, hazırda insan taledən asılı olmaya bilməz. Biz də dünəndən etibarən müqəddəratımızı taleyin əlinə verdik və cəbhəni tərk etdik. Bu müharibənin təcrübəsi göstərdi ki, Hamazasbda heç bir igidlik və mərdanəlik yox imiş. O öz dəstəsi ilə Biçeraxovdan da qabaq geri çəkildi və daşnaqların namusunu ləkələdi. Mən kəsdirə bilmirəm: Əcəba, sən yenə də onun mənfur üzünə baxıb güləcəksən?! Ester! Sən ağıllı qızsan, lakin kişi intixab etməkdə nədənsə yanılırsan. Hiss edilməz bir surətdə, lakin çox sür'ətlə heçliyə doğru yuvarlanan gənclik çağlarını təkdirə qabil deyilsən. Sən gəncliyi daimi və həyatı əyləncə hesab edən qızlardan olmamalısan. Razı olsaydın, mən çoxdan səni o vəhşinin əlindən qurtarmışdım. Ester, Hamazasb nə sevməyə, nə də sevilməyə qabil bir kişidir. Sən minlərin, yüz minlərin içərisindən intixab edilmiş nadir bir gözəlsən. Mən cəbhədə hər an sənin çöhrəni təsəvvür edir, sözlərini əzbərləyir, səni düşünür, sənə and içir və sənə pərəstiş edirəm. Ester, sən mənimsən. Mənim dodaqlarım sənin dodaqlarından başqasına dəysə cəhənnəm odu ilə kabab olsun. Ester, gərək sən də and içəsən. Sən də o dodaqları yabançı dodaqlara yaxlaşdırmayasan. Mən səni həmişə dinləyirəm. Səsini düşmən toplarının gurultusu altında eşidir və nəşələnirdim. Səngərimiz önündə partlayan şrapnellərin dəhşətli, ölüm gətirən alovlu gəhgəhələri də sənin xəfif və şirin gülüşlərin kimi məni əyləndirirdi. Gözəlim! Möhtərəm doktora da məktub göndərmişəm, sən hər ehtimala qarşı hazırlaşmalısan. Lakin həyatının nə cürə keçəcəyi haqqında heç də düşünmə. Ölünçəyə qədər Parisin təntənəli villalarında yaşamağa sərvətim çatar. Avetisov. Biləcəri, 29 iyul». Leyla Avetisov tərəfindən yazılmış bu məktuba heç məna vermədi, çünki məktubun məzmunu əvvəlcə yazılan məktublardan fərqli deyildi. Leyla xanım stol üstündə üçüncü bir məktub gördü, onu tələsik alıb redikuluna qoydu və yenə Estərə təsəlli vermək üçün dedi: – Sən heç qorxma, türklərin şəhərə girib-girməməsi naməlumdur. Belə bir hadisə baş versə, bir tərəfə qaçmağa, məktub yazanlara qoşulub getməyə ehtiyac yoxdur. Onu da bilməlisən ki, türklərin Bakıya gəlməsi səni bu iki canavarın əlindən azad etmiş olacaqdır. Ester Leylanın sözlərini sakit dinləyəndən sonra qalxıb tualetini düzəltdi. Leylanın nə üçün gəldiyini də soruşmadan vidalaşıb çıxdı. Leyla xanım mənzilinə gələn kimi paltosunu soyunmadan Esterin otağından götürdüyü məktubu redikulundan çıxarıb oxudu. Məktub Vahanın tərəfindən, hisli və köhnə bir kağızda yazılmışdı. «Əziz dostum və uşaqlıq xatirəmin şahidi Ester! Yeni hadisələr münasibəti ilə sənə bir məktub yazmağı lazım bildim, iş üstündə yazmışam, səliqəsizdir. Üzr istəyirəm, Ester, türklər gəlir. Xain Biçeraxovların, Hamazasb, Avetisovların və onların arxasınca xain daşnaqların qaçmağa hazırlaşdığını eşitdim. Onlar erməni işçi kəndlilərini Türkiyədə və Qafqazda fəlakətə saldıqları kimi Bakı kommunasını da qanlara qərq edirlər. Ester, məni bağışla, onu bil ki, mən kimsəyə xain deyiləm, amma sənin atan haqqında açıq yazmalıyam, o da qatildir. O daşnaqların bütün təsirlərinə şərik olduğu halda, menşevik və sağ esərlərə qoşularaq yeni cinayətlərə hazırlaşır. Ester, vaxt var ikən sən onlardan uzaqlaş! Qoy onların tökdüyü qanlardan sənin gənc və saf vicdanın ləkələnməsin. Ester, bizim cərgəmizə gəl, dünyada işçi birliyi qədər qüvvətli cəbhə yoxdur. Sən atana qoşulub heç bir tərəfə qaçma! O, hara gedir getsin, işçi sinfinin lənətləri də onunla gedəcəkdir. Sən mədənə, bolşevik ruhlu işçilərin səngərinə gəl! Səni burada saxlarıq. Özümü sevməyə səni məcbur edəcək qədər ədəbsiz olmadığımı da gözəlcəsinə bilirsən. Bu məsələni sənin öz ixtiyarına verirəm. Biz uşaqlıq yoldaşlığı xatirəsinə də bir dost kimi yaşaya bilərik. Anam da səni gözləyir. İndi evimiz də var. Danışdığımız məsələyə zəmin hazırdır. Əmin ol. Məktubun cavabını yenə də həman yerə burax. Atanın hərəkətləri haqqında məlumat verməyin lazımdır. Ester, sən bolşevikləri çox da aciz hesab etmə. Onların müvəqqəti məğlubiyyətləri sənin ümidlərini qırmasın, biz qalib gələcəyik, çünki bizim arxamızda Lenin yolunu izləyən yüz minlərcə proletar ordusu durur. Vahan. 28 iyul, 1918-ci il». * * * XVI. Raya qaçdı Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi. Nəhayət, qoçu Əminəni səsləyərək: – Nə olubdur, nöşün yatmırsınız?–dedikdə Əminə cavab verdi: – Xanım hələ şam yeməyini bitirməmişdir. – Eybi yoxdur. Xanımın da xanımlığına az qalmışdır. Odur, kişilərin toplarının səsi gəlir. – O cürə sözləri danışma! – Danışanda nə olar?! Açıq ol ki, qənbərqulu çıxmasın. Canın mənim əlimdədir. O qədər olsun ki, bircə gəlmə ağanın qulağına pıçıldayım, o saatda işini bitirər. İndi bildin ki?! – Ağaya mənim nəyimi deyəcəksən?! – Deməyə mən söz taparam. Sənə borc deyil. – Ağlını başına yığ. Vaxta ki, ağa xanıma hörmət etmək vəzifəsini bizə tapşırıb, gərək onu razı salaq. Xanımlıq vaxtına az qalıb çox qalıb, bizim işimiz deyil. Qoçu: – Xanım da gərək bizi razı salsın ya yox?! Nöşün bizə yaxın gəlmir. Biz kişi-zad deyilikmi?–deyə hər gecəki söhbətini başladı. Əminə ona nəsihətverici bir əda ilə dedi: – Sən o cür sözləri heç danışma! Mən də sənə bu ixtiyarı vermirəm. – Sənin ixtiyarına baxan kimdir? Tumanını ayaqdan çırıb başından çıxararam. – Bu sənin atanın da ağzı deyil. Belindəki tapançadan da qorxum yoxdur. Haramzadanın biri! Raya onların arasında deyişmə olduğunu gördü. Buna görə də qoçuya müraciətlə: – Sən bu qızdan nə istəyirsən?–dedikdə qoçu ayağa qalxıb əllərini kəmərinə saldı, belindəki tapançanı tərpətdi və dişlərini ağardaraq Rayaya cavab verdi: – Bunu soruşmazlar ki? Kişi arvaddan nə istəyə bilər? Ay barışna, biz də axı tay-tuş içində sayılan bir çeyilik. Bəs siz nə vaxt ağzımızı şirin edəcəksiniz? Əminə sıçrayıb qoçunun üstünə atılmaq istədikdə, Raya onun qolundan tutdu: – Sən otur yerində, mən onun cavabını verərəm,–dedi və qoçuya dönərək:–Sən neçə gündür buradasan. Biz səndən nalayıq hərəkət görməmişik. Heç şübhə yoxdur ki, buna da bir səbəb vardır, ya bunu sənə ağa tapşırmışdır və yainki sənin özün ədəbli bir adamsan. Əcəba, bu gün nə olmuşdur? Bəlkə bunu sizə ağa tapşırmışdır? Qoçu dedi: – Xeyr, ağa bu barədə mənə heç bir söz deməmişdir. – Bəs nə üçün ədəbli bir kişiyə yaraşmayan sözləri danışırsınız. Bizim birimiz sənin xoşuna gəlirsə, onun da bir qaydası və bir təhəri var, sən birimizi sevirsənsə həddindən artıq ədəbli olmalısan və yaxşılıq etməlisən ki, bununla da özünü sevdirəsən, yoxsa sevgini zor ilə qəbul etdirmək olmaz. Sən özün yaraşıqlı, boylu-buxunlu və layiqli bir oğlansan, sözünü söyüşsüz və vuruşmasız, ədəbli, vüqarlı surətdə də deyə bilərsən. Elə ki, gördün sənin sevginə qiymət qoyan yoxdur, onda sərt danışmağa haqqın var. Belə deyilmi?! Qoçu bir az düşünərək, Rayaya çox diqqətlə baxdı və dedi. – Görmürsən bu lüt köpək oğlunun qızı nə qozqırır? Elə bil ki, mən buna bir küçə uşağıyam. Behiştdən gələn huri ola ha, mənə dil ki, qaytardı bir qəpiyə dəyməz. Özü də bilir ki, mən bozşalvar çeyillərdən deyiləm. Onda da tamahım yoxdur, tamahım varsa qoy anam-bacımda olsun. – İndi ki, onda tamahın yoxdur, daha niyə dalaşırsan? – Dalaşmağımız... dalaşmağımıza səbəb odur ki, o sənin əvəzindən mənə cavab verir. – Demək ki, mübahisə mənim üzərimdə gedirmiş... Raya bunu deyərək güldü və qoçudan soruşdu: – Elə bu? – Bəli bu! Bu azdırmı? – Çox gözəl, demək belə... – Hə, belə... – İndi bəs necə olsun? Mən burada məhbus–sən də mənim gözətçim. – Sən məhbus, mən də sənin gözətçin. Bunun nə dəxli var ki?! – Necə nə dəxli var. Madam ki, mən azad deyiləm, o zaman bizim birləşməyimiz necə baş tuta bilər?! – Necə yəni baş tuta bilər?! Nöşün də tutmasın, sən burada, mən burada. Bu naçins qızı naçins, adam balası olsa, dilini dişinin altına qısıb otursa, bu evin sirrini bayıra çıxarmasa, hər iş öz vaxtında düzələr. Bir qənbərqulu da çıxmaz. – Çox gözəl. Sən məni buradan alıb özünlə apara bilməzsənmi? – Xeyr, o heç vaxt ola bilməz. – Nə üçün ola bilməz?! – Nöşün ki, mənim məsləkim yol verməz. – Hansı partiyadansınız? – «Müsavat» partiyasından. – Onda bəs necə olsun? – Necə olacaqdır? A qız, sən nə avam adamsan, nöşün mən dediyimi anlamırsan, sənə bir Qaspiçə söz demişəm, yenə də deyirsən bəs necə olsun. Necə olacaqdır, gecə uzun, gen otaqlar, daha bunda nə var ki?! – Çox gözəl, mən bir qədər fikirləşərəm, sən də bir az fikirləş. Bəlkə bir cürə oldu ki, bizim bu dostluğumuz eşikdə baş tutdu. – O, heç bir vaxt ola bilməyəcəkdir. Çünki sən eşik üzü görməyəcəksən. Kimsə dinmədi, qoçu Rayanın yumşaldığını zənn edərək balkonda gəzişir və fışqırıq çalırdı. Əminəyə bıçaq vursaydın, qanı çıxmazdı; o ancaq Rayanın tapşırığına görə sakit olmuşdu. Gecə saat iki idi, küçədə binanın qarşısında bir faytonun dayandığı hiss edildi, iki dəfə də fışqırıq səsi gəldi. Bu, Rayanı həbsxanadan aparmaq üçün gələnlərin siqnalı idi. Raya və Əminə isə siqnala baxmayaraq, yenə də şam süfrəsinin başında oturmuşdular. Qoçu Əminəni səslədi: – A qız, Qaspilərdən birini bura gətir görüm!–dedikdə Əminə qəzetlərdən birini götürüb qoçuya apardı. Qoçu qəzeti alıb oxumazdan əvvəl Əminəni saxlayaraq: – De görüm indi sözün nədir?!–dedi.–Gördün ki, barışna özü də razıdır? – O səndən qorxur, yoxsa çoxdan razıdır. – Mən qurd-zad deyiləm ki, nöşün qorxur?! Partiyaçı adamdan da qorxmaq olarmı? – Bəs arvad tayfası belində tapança gəzdirən qoçudan qorxmazmı? – Elə bu?! – Əlbəttə ki, bu? – Bu isə, bir saatlığa mən tapançanı açıb kənara qoyaram. Qoçu tapançanı yanına qoydu və Rayanı səslədi: – Ağız, indi gəl bura görüm. Yekə qızdır, tapançadan qorxur. Raya durub, qoçunun yanına gəldi, onun saçlarını sığallamaq istərkən Əminə də əfsərski tapançanı üst ayağa qaldıraraq qoçunun başına dayadı: – Səsini çıxaran kimi başını partladacağam! Qoçu bunu zarafat hesab edərək: – Qoy yerinə qançığın birisi! Tapança ilə oynamaq olmaz!–dedikdə Raya bir şillə onun ağzından vuraraq, yeşikdən aldığı brauninq tapançanı çıxartdı: – Kəs səsini, alçaq! Bir kəlmə də danışmağa icazə vermirəm. Neçə gündən bəri danışdıqların üçün böyük cəzaya layiqsən. Qoçu sanki yuxudan ayıldı və tapançalara baxaraq: – Bəs belə, hə?! Siz heç zarafat-zad qanmırmışsınız... ağanın başı üçün mən mazaxlaşırdım. Qoy qırağa o zəhrimarları, xata çıxararsan. Raya dedi: – Sus! Yoxsa öləcəksən? – Başım üstə. Buyurun görək nə demək istəyirsiniz? Bu sözdən sonra Əminə qoçunun əllərini dalında möhkəm bağladı və bir şillə də üzünə vurub: – Yıxıl yerə, həyasız!–dedikdə qoçu uzandı, onun ayaqlarını bağladılar. Sonra da əynindəki ipək köynəyi çırıb ağzını da möhkəm bağladılar. Əminə otaqdan Rayanın vaxt ikən hazırlanmış çamadanını və qoçunun tapançasını götürüb dışarı çıxdı. Qapıda iki fayton durmuşdu. Faytondakılar Vahan, bir də Əminənin qardaşı Heydər idi. * * * XVII. Cəbhə Gecə tünd qaranlıqdı. Göyün ulduzları havada uçan qurşunlarla bir-birinə qarışmışdı. Cəbhədən çəkilən qocaman bir ordu sel kimi axaraq Biləcəriyə tökülməkdə, eşelonlar tökülüb gəlməkdə idi. Parovoz fitləri, əskəri araba təkərlərinin səsi, zabitlərin göstəriş və qışqırıqları, gurultu bütün Biləcərini bürümüşdü. Hər tərəfdə qışqırıq, söyüş, narazılıq eşidilirdi, çünki cəbhədən qayıdan əsgərlər, eşelonları boşaltmaqdan boyun qaçıraraq, silahını alır və şəhər yoluna düzəlib nizama durmaqdan boyun qaçırırdı. Şəhər ilə Biləcəri stansiyasının arası, əsgəri arabalar, faytonlar, avtomaşınlar və piyada, süvarilərlə dolmuşdu. Ancaq bunların hamısı qaçır, arxaya baxmadan qaçırdı. Ordu ərkani-hərbi kiçik bir binada yerləşmişdi. Səhra hərbi telefonu cəbhə ilə ərkani-hərbin əlaqəsini saxlamaq üçün yenicə düzəlmişdi. Ərkani-hərb üzvləri aralıqda dolaşırdı — bir nəfər də yerində oturan yox, telefon zənki vurdu. Miralay Avetisov dəstəyi götürdü. – Mən nə edə bilərdim. Telefon rabitəsi ancaq bir dəqiqə əvvəl düzəlmişdir. Hə... hə... hə... bu məlum... bir halda ki, sözümə baxan yoxdur, telefonu mən özüm çəkə bilərəmmi?.. Bilirəm, Biləcəri tərəflər müdafiə üçün əlverişlidir... bilirəm... yoldaş Petrov, bilirəm. Lakin kimlərlə müdafiə etmək?.. Bəli, bəli... bəli... mən şəxsən hər bir fədakarlığa hazıram, yoldaş Petrov, saldatlar sözümə baxsaydı, mən onları qırdırmağı bacarardım. Lakin bu da fayda verməz, çünki sol qanad tamamilə açıqdır. Bilmirəm siz müharibəni nə hesab edirsiniz?... Siz öz kiçik qüvvənizlə sol qanadı müdafiə edə bilsəniz belə, bir fayda verməz. Avetisov dəstəyi yerinə qoyaraq otağı dolaşmağa başladı və həyəcanlı bir surətdə Mikoyana müraciət etdi. – Əziz yoldaş, indi buyurun görək, mütarikə təklifi üçün türk ordusu baş komandanı yanına kimləri göndərirsiniz? Miralay Avetisovun bu sözündən sonra Mikoyan, Qanin və Qabışev dərin düşündülər. Avetisovun sualına cavab çıxmadı. Avetisovun səbri tükəndi, bir daha müraciət edərək: – Hər dəqiqə sükut, Bakının taleyindəki təhlükəni artırır,–dedi,–siz gərək səy edəsiniz ki, türklər Bakını süngü gücünə işğal etməsin. Əcəba, siz atışmanı eşitmirsinizmi? Siz ordu hissələrinin itaətsizliyini görmürsünüzmü? Avetisovun uzun-uzadı sözlərinə və onun bir əskərə yaraşmayan qorxaqlığına cavab olaraq Mikoyan qısa və qəti cavab verdi. – Biz heç vaxt Türkiyə ordusunun mərhəmətinə əl uzatmayacağıq. Biz məsələni Komissarlar Sovetinə bildirmədən heç bir təşəbbüsdə bulunmayacağıq. Avetisov bu sözdən çox sıxıldı və əlini belinə vuraraq acıqlı dedi: – Mən silah gücünə olsa da, sizin əlinizə ağ bayraq verib, mütarikə üçün Türkiyə ordusu ərkani-hərbinin yanına göndərərəm. Mikoyan açıqlanmadı, adi və sakit halda cavab verdi: – Qoy bizi qurşuna düzsünlər, çünki ölmək şərəfdir. Düşmənə yalvarmaq və Bakı proletariatını satmaq isə böyük şərəfsizlikdir. Mikoyan bu sözləri dedikdən sonra dəstəyi götürüb Komissarlar Sovetinə zənk vurdu: –Qərargah Biləcəridədir, sağ cəbhə tamamilə açıqdır. Yoldaş Petrov sol qanadı müdafiə edir. Miralay Avetisov, Petrovun tələbinə baxmayaraq sağ qanadın möhkəmləndirilməsindən boyun qaçırır. Avetisov bizi «silah gücünə olsa da, ağ bayraqla düşmənin yanına göndərərəm» deyə təhdid edir. Mən, Qanin və Qabışev yoldaş bundan qəti boyun qaçırtdıq. Mikoyan dəstəyi yerinə qoyub Avetisova müraciətlə dedi: – Şəhərdəki bütün qüvvə səfərbər edilərək, cəbhəyə göndərilir. Türklər Bakını heç vaxt ala bilməyəcəklər. Yoldaş Şaumyan əmr edir ki, yeni qüvvə gəlincəyə qədər cəbhəni saxlamalıdır. Avetisov bir azdan sonra şəhərə telefon etdi. – Bağışlayın, rahatsız etdim... Bəli!.. Bəli! Avetisovdur... Əcəba, səsimdən tanımadınızmı? Mənçə, tanımaq istəmədiniz. Hə, hə, hə. Belə olmadığını bilsəydim şad olardım. Məktubumu aldınızmı? Doğrudanmı?! Zənnimcə, başqa məktublar kimi onu da bir tərəfə atmısınız. Belə deyilmi! İnanımmı?! Oxumuşsunuzsa ondan bir kəlməsini söyləyin görüm!.. Düz dediniz. İndi bildim ki, məktubu oxumuşsunuz, nə qədər xoşbəxtəm... Mən o sözlər içərisində gizlənə bilsəm, daha da xoşbəxt olardım. Sabah sizin əlinizi öpməyə müvəffəq olacağam. Sizi görmək üçün nə qədər çırpındığımı təsəvvür edə bilsəydiniz şübhəsiz ki, halıma yanacaq və qeydimə qalacaqdınız. Sizi yuxudan qoydum. Bağışlayacağınıza əminəm. Atanıza salam söyləyin. Yatmışsa oyadın, sözüm var. Avetisov telefonda gözlədi, nəhayət doktor Araratyanın səsi eşidildi. Avetisov: – Bəli, mənəm cənab doktor!–dedi.–Biləcəridən danışıram. Bağışlayın, sizi rahatsız etməyə məcburam. Vəziyyət olduqca qorxuludur. Məktubumu aldınızmı?.. Çox gözəl, vəziyyət məktubda göstərdiyimdən daha təhlükəlidir. Hər halda siz hazırlığa başlamalısınız. Düşmən bir neçə saatdan sonra şəhərə girəcəkdir. Həyəcana lüzum yoxdur, sizə heç bir qorxu yoxdur. Siz köçüb aradan çıxıncaya qədər şəhəri saxlaya bilərəm... Hələlik... Avetisov trubkanı asdı. Hamazasb tələsik otağa daxil oldu və dəstəyi götürüb şəhərə, doktor Araratyana telefon etdi: – Ester, sənsənmi?!–dedi.–İndiyə qədər nə üçün yatmamışsan?.. Xəstə! Xəstəliyin nədir? Başın?! Yəqin özünü soyuğa vermisən... Məni gözləmirsənmi? Bir azdan sonra, əlini öpməyə nail olacağam... Necə?! Necə?! Necə yəni belə sözlərə lüzum yoxdur?.. Bu sözləri də təzəmi öyrənmisiniz?! Ağıllı qız ol! Sən mənim üçün yaranmısan... Saldatla göndərdiyim xüsusi məktubu bir saatdan sonra alacaqsan, ona əməl olunmalıdır. Alo! Alo! Alo! Telefondayam!.. Hamazasb nə qədər «alo! alo!» səslədi isə cavab verən olmadı, çünki Ester, Hamazasbın sözlərini eşitmək istəməyib dəstəyi yerinə asmışdı. Otaqda Avetisov, Hamazasb, bir də Avetisovun rabitə zabitindən başqa kimsə yox idi. Hamazasb ikinci dəfə telefon etmək istədikdə Avetisov Hamazasba dedi: – Xüsusi telefon deyildir. Cəbhə telefonları ilə xüsusi söhbətlərə icazə vermirəm! Hamazasb dəstəyi yerinə qoydu və dedi: – Sizin icazəniz olmadan da danışa bilərəm. Nə demək istədiyinizi bilirəm. Hərgah başqa yer ilə danışsaydım icazə alardım. Buna görə də mən sizin əmrinizi xüsusi və şəxsi bir əmr olduğu üçün qəbul etmirəm. Avetisov rabitə zabitinə dönərək: – Dayandır!–dedikdə o telefonun ştepselini aparatdan çıxartdı. Hamazasb: – Sizin hər ikinizlə hesablaşaram!–deyə eşiyə çıxdı. * * * XVIII. Bakı kommunarları Hava durğundu. Uzaqdan top səsi eşidilirdi. Bakı şəhəri iyul istilərindən qızmış çuğun tavaya bənzəyən fəza altında uyumuşdu. Sahil boyunca yanan elektrik lampaları vərəmli bir xəstənin nəzərləri kimi solğun idi. Narkin adasının önündən keçən yelkənli qayıqlar qanadı sınmış kəpənək kimi ruzigar qabağında süzürdü. Qara şəhər bacalarından çıxan tüstülər qaranlığa qarışmaqda, Xəzərin sakit dalğaları qanad çalmaqda və qocaman Qız qalası su altında yatan əski Səbayel şəhərinin tarixindən parçalar oxumaqda idi. Bakı yatmışdır, lakin Bakı proletariatının rəhbərləri yatmamışdır. Komissarlar Sovetində lampalar yandığından burada fövqəladə bir iclasın davam etdiyi məlum idi. Bütün xalq komissarları, cəbhədə baş verən pozğunluğun nə kimi bir bədbəxtliklə nəticələndiyini həyəcan ilə düşünürdülər. Şaumyan tez-tez dəstəyi alıb ərkani-hərb ilə danışmaq istəyirdisə də telefonun azad olmadığını görüb dəstəyi yerinə qoyurdu. Çünki cəbhə telefonu ancaq doktor Araratyanın evi ilə danışırdı. Bir qədərdən sonra telefon azad oldu. Şaumyan ərkani-hərbi miralayı Avetisovu səslədi və bir az gözlədi, sonra dedi: – Komissarlar Soveti vəziyyəti müzakirə etdikdən sonra belə qərara gəldi: Mütarikə və sülh müzakirəsinə heç vəchlə imkan verilməməlidir. Şəhərdəki bütün hərbi qüvvələr çağırılıb cəbhəyə göndərilir. Sülh müzakirəsinə girişmək lazım olsa belə, cəbhədə lazımi qədərə qüvvəmiz olmalıdır. Şaumyan Avetisov ilə danışdıqdan sonra, hərbi hissələrə verilən xəbərdarlıq işlərinin nə halda olduğunu yoxlamağa başladı. Cəbhə telefonunun zənki çalındı. İki dəqiqədən sonra Petrovun ərkani-hərbindən Komissarlar Sovetinə verilən telefonoqrammanı gətirirdilər. «Otryadın (dəstənin) üçdən iki hissəsi qırılıb məhv oldu. Sol qanadı indiyə qədər saxladıq. Düşmənin təzyiqi nəticəsində sol qanadı da açıb şəhər kənarına çəkildik, çünki öz qüvvəmizlə cəbhəni saxlaya bilmədik. Bir neçə saata şəhər mütləq təslim olar. Petrov dəstəsinin ərkani-hərb rəisi Stepanov». Bu telefonoqrammanın müzakirəsindən qabaq, başqa bir telefonoqramma da gətirdilər. «Vədə olunan qoşunlar cəbhəyə gəlmədi, şəhəri əlaçsızlıqdan türklərə verməliyik. Vədə verdiyiniz qoşundan 320 nəfər gəlmişdir. On altıncı batalyondan gələn saldatlar da müharibədə iştirak etmək istəmirlər. Mənə təcili surətdə ağ bayraq qaldırmaq ixtiyarı və sülh nümayəndələri göndərmək icazəsi verilməsə yüz minlərcə qurbanların məsuliyyəti sizin öhdənizə düşəcəkdir. Cəbhə komandanı Avetisov. 30 iyul, 1918-ci il. Telefonoqramma müzakirəyə qoyulurkən, qapı açıldı. Başda Külxandanyan və miralay Qazarov olaraq, erməni milli sovetinin nümayəndələri salona girdilər. Külxandanyan iclasa müraciət edərək, böyük həyəcan və şiddətli ürək döyüntüsü ilə elan etdi: – Bu saat erməni milli soveti öz qərarını verdi. Milli sovet ağ bayraq qaldırmağı və qaliblərə təslim olmağı qət etdi. Dərhal Komissarlar Sovetinə başqa bir xəbər gəldi: «Sağ eser, sağ daşnaq və menşeviklər qarışıqlıqdan istifadə edərək inkilisləri Bakıya gətirmək üçün nümayəndə və gəmi göndərmişlər». Şaumyan otağı dolaşdı və sonra da iclasa müraciətlə: – Bakı işçilərinə belə bir müraciətnamə buraxmalıyıq,–dedi və müraciətnaməni yazmağa başladı. «Bakı proletariatı, şəhəri qəhrəmancasına müdafiəyə davam edərkən, ancaq Rusiyadan gələn sovet qoşunundan dostluq köməyi ala bilər. Almaniya-Türkiyə-İnkiltərə imperialistlərinə qarşı Bakını ancaq onlar müdafiə edə bilər. Mərkəzi hökumətin göndərdiyi hərbi komissar Petrov yoldaş, hazırda eyni mübarizəni aparmaqdadır. İşçi yoldaşlar! Yoldaş Petrovun bayrağı altına toplanın! Bizdən ötrü ən qiymətli olan işçi-kəndli bayrağının, inqilabi Rusiya tərəfindən göndərilən bayrağın altına! Yaşasın mübariz Bakı proletariatı! Yaşasın böyük Rusiyanın Sosialist Sovet Respublikası! Yaşasın Rusiyadan ayrılmaz və imperialistlərdən asılı olmayan inqilabi Bakı!» 26 Komissar birlikdə iclas salonundan çıxdı. Lakin bu son iclas deyildi. Son iclas günortadan sonraya qalmışdı. * * * XIX. Yeni hökumətin «birinci iclası» İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar. Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı. Sadovski və Ayollo güzgü divarlı pilləkənlərdən yuxarı qalxdıqları zaman, Leyla xanım da xidmətçiləri çağırıb qonaqları qəbul etmək üçün sifarişlər verirdi. Rəhbərlər balkonda sıra ilə düzülərək Leyla xanımın nə zaman qəbul edəcəyini gözləyirdilər. Sadovski bloknotunu çıxarıb uzun bir şey yazdı: onu, xanıma təqdim olunmaq üçün müntəzir duran rəhbərlərin hamısı imza etdi. Sonra Sadovski Leyla xanımın xidmətçisinə verdi. Sadovski yazmışdı: «Möhtərəm Leyla xanım! Mərkəzi Kaspi diktaturasının divani-riyasət üzvlərini lütfən qəbul etməyinizi rica edirik. Hökumət üzvləri birinci mərhələdə, şahzadə Bahadır xanın sevgili rəfiqəsini görməklə tarixi bəxtiyarlığa nail olmaq istəyir. Gələcək hökumətin üzvləri: Sadovski. Ayollo. Məlik-Elçiyan. Velonts. Sako-Saakyan. Bakı, 31 iyul, 1918-ci il». Xidmətçi qız məktubu alıb içəri girdi. Məktubun cavabı keçikdiyindən hökumət üzvləri müvəffəqiyyətsizlik olduğunu güman etdilər. Xidmətçi qız kiçik bir məktub gətirdi. Sadovski məktubu səbirsizliklə oxudu. «Möhtərəm cənablar! Bakıda siyasi təbəddulat yaratmaq işində müvəffəqiyyət qazanmış və yeni hökumət təşkilində fəaliyyət göstərmiş hörmətli və nəcib hökumət üzvlərini 15 dəqiqədən sonra təbrik etməyə nail olacağam. Səmimi dostunuz Leyla». Hökumət üzvlərinin azğın və məğrur başları daha da yuxarı qalxdı. Hamısı bir-birinin üzünə baxır, dişlərini ağardırdı. Məktubu dönə-dönə oxudular. Onlar «yeni hökumət təşkilində fəaliyyət göstərmiş» deyə başlanan cümləni xüsusi sevinclə oxuyurdular. Ayollo: – Verin baxım,–deyə məktubu Sadovskidən aldı, nəzərdən keçirərək vizitqasının cibinə qoymaq istədi. Sadovski onun əlindən alaraq cibinə qoydu: – Məktubun,–dedi,–həm siyasi, həm də tarixi əhəmiyyəti vardır. Buna görə də məktub dövlət arxivinin birinci nömrəli sənədi sayılır. Bundan sonra hamı saatını cibindən çıxarıb baxdı. Altun qaytanlı saatların əqrəbləri çox təxirlə sürünürdü. Leyla xanım qeyd etdiyi «15 dəqiqə» onlara 15 ay qədər uzun gəlirdi. Gözləri saata baxmaqdan yorulduğu üçün hökumət üzvləri ağ dəsmallarla gözlüklərini təmizləyib yenə taxdılar. Məlik-Elçiyanın gözləri yoruldu. O köksünü ötürərək dedi: – Mirasa qalmış əqrəbləri sanki zəncirlə çəkib bağlamışlar. Yerindən tərpənmək bilmir. Qapı açıldı və xidmətçi qadının başı göründü, intizar çəkənlər üçün bu hal böyük bir şadlıq xəbəri idi. Onlar hərbi nizam alaraq xidmətçinin sözünə müntəzir durdular. Xidmətçi qadın: – Leyla xanım əlahəzrətlərin intizarındadır,–dedikdə, hökumət üzvləri «əlahəzrət» sözünü təkrar etdirmək üçün xidmətçidən soruşdular: – Bağışlayasınız, xanım həzrətləri necə buyurdu?! Qadın cavab verdi: – Leyla xanım əlahəzrətlərin intizarındadır. Hər kəs yaxalığını, vizitqasının ətəklərini, jiletinin düymələrini sahmanladı. Jiletinin cibindən bığ çötkəsini çıxarıb bığlarını sildi. Onlar içəri girdilər. Gül dəstələrini açdılar. Sadovski, gətirdiyi gül dəstəsinin üzərinə belə bir məktub qoymuşdu: «Əlahəzrət şahzadə Bahadır xanın həşəmətli xanımı Leyla xanım həzrətlərinə Mərkəzi Kaspi diktaturası üzvü Sadovskidən». Hamı Leyla xanıma baxırdı. Leyla xanım üzünü onlara tərəf çevirərək dedi: – Bu gün tarixi gündür. Bu günü adi günlər kimi qarşılamaq tarixə qarşı etinasızlıqdır. Buna görə də mənim sizdən kiçik bir ricam var. Hökumət üzvləri: – Buyurun!–deyə birdən səsləndilər: Leyla xanım sözünə başlayaraq: – Mən əlahəzrətlərin gəldiyini eşidərkən, fotoqraf üçün adam göndərmişəm,–dedi,–yeni hökumət üzvləri, söz yoxdur ki, öz əkslərini almağa icazə verərlər. Hökumət üzvləri cavab verdilər. – Xanımın hörmətindən razıyıq! Biz bu iltifata qarşı Mərkəzi Kaspi diktaturası tərəfindən izhari-təşəkkür edirik. Bunu, şifahən olduğu kimi yazılmış halda da Leyla xanıma təqdim etməyi öhdəmizə alırıq. Heç kəs yerə oturmamışdı, çünki Leyla xanımın özü də ayaq üstə durub danışırdı. Leyla xanım ha tərəfə çevrilirsə, hökumət üzvləri də posla əqrəbi kimi o tərəfə çevrilirdi. Leyla xanımın abı ipək donunun ətəkləri yelləndikcə, loriqan qoxusu otağı ətirlədikcə yeni hökumət üzvləri də dərin nəfəs almağa çalışırdılar. Fotoqraf gəldi. Leyla xanım gül dəstələrini hökumət üzvlərinin qucağına verdi: – Əvvəlcə əlahəzrətlərin rəsmini birlikdə aldırmaq istəyirəm,–dedi,–çünki bu gün alınacaq rəsm, Mərkəzi Kaspi hökuməti Dövlət Muzeyinin birinci nömrəli asarı olacaqdır. Sadovski Leyla xanımdan icazə alaraq danışdı: – Leyla xanımın icazəsilə bizim rəsmlərimizin Dövlət Muzeyində birinci yeri yox, ikinci yeri tutmasını ərz edərdim. Leyla soruşdu: – Əcəba, birincilik üçün bundan qiymətli bir asar varmı? Sadovski dişlərini ağardaraq: – Bəli, vardır,–dedi.–Leyla xanımın iki dəqiqə əvvəl yazdığı məktub birinci yeri tuta biləcək bir sənəddir. Leyla nazlanaraq: – Etirazım yoxdur,–dedi,–ikinci bir ricam var.–Mən istərdim ki, Qafqaz səfərindən qiymətli bir yadigar olmaq üçün, əlahəzrətlərlə birlikdə əksimi aldıram. Mənimlə birlikdə əks aldırmaq əlahəzrətlərin siyasi əzəmətlərinə toxunmazsa mən bundan razı qalar və şad olardım. Hökumət üzvlərinin hamısı birdən: – Bütün hökumət üzvləri Leyla xanımın sərəncamındadır,–deyə səsləndilər və baş əydilər. Söhbətin mövzuu dəyişdi, hələ oturmadan Leyla xanım onlara belə bir sual verdi: – Madam ki, mən əksimi əlahəzrətlərlə birlikdə aldıracağam, bir halda ki, əlahəzrətlər məni bu şərəfə nail etməyə tənəzzül buyururlar, mənim nə paltarda əks aldırmağım da aydınlaşmalıdır; bunu əlahəzrətlərin təyin etməsi lazım deyilmi? Xüsusən mənim əlaqə saxladığım Sadovski cənabları, bu barədə öz fikrini söyləməlidir. Çünki onun fikri mənim şəxsi həyatımda da həlledici fikirlərdəndir. Bu sözdə Sadovski sevincindən özünü itirdi. O, Leylanın sözlərini ürəyində təkrar edir və danışırdı: «Qız məni sevir. Qız özünü mənə təslim edir. Ölsəm də, məhv olsam da bunu şahzadə Bahadır xanın əlindən alacağam. O nə adamdır? Mədəniyyətsiz bir hindistanlıdır. Belə deyilmi? Çox da ki, o Dehli ölkəsinin padşahıdır. Hazırda mən ondan yüksək mövqe tutmayırammı? İndi mənim idarə edəcəyim ölkə bütün dünyada yanacaq sahəsində ikinci mövqe tutmurmu? Mən istəsəm bir gündə dünyanın böyük bir hissəsini qaranlıqda qoya bilərəm. Bahadır xan nə edə bilər?! Heç bir şey!.. İndi bu saat Hindistan deyil, Hindistanın sahibi inkilislər belə mənim əlimə baxırlar. Mən təklif etsəm, inkilislər yüzlərcə Bahadır xanları qurban verməyə razı olarlar. Çünki Bakı hər şeydən qiymətlidir». Sadovski bu dumanlı fikirlərlə uğraşarkən, Leyla xanım əlini onun çiyninə qoyub bir daha səslədi: – Buyurun! Mən sizi gözləyirəm! Neçə paltar geyməli olduğumu təyin edin! Bu sözlər Sadovskinin fikirlərini təsdiq etdi. Sadovski bu güman ilə dedi: – Mənim əziz dostum! Əksimizin yaxşı çıxması üçün qara paltar geymək daha münasibdir. Leyla xanım başqalarına müraciətlə: – Birlikdə aldırdığımız şəkil, böyük simaların stolu üzərində duracaqdır, ona görə əlahəzrətlər də öz fikrini bildirməlidir. Bu söz hökumət üzvləri arasında ruh yüksəkliyi oyatdı. Sadovski fotoqrafçıya müraciətlə: – Elə isə eşik otaqda rahat olun, ağalar qəti qərara gəldikdən sonra sizi dəvət edərik,–dedi. Leyla xanımın icazəsilə rəhbərlər vizitqalarının ətəklərini qaldıraraq qoltuqlu stullarda oturdular. Xidmətçi qadınlar stol üzərinə şəkərçörəyi, konfet və çay düzürdülər. Milyonçu evində dəfələrlə Əmiri-Buxaraya, qubernatorlara, valilərə, nazirlərə açılan çay stolu, indi də Leyla xanımın əziz qonaqlarının qarşısında açılmışdı. Gümüş samovar stol üzərinə qoyuldu. Leyla xanım xidmətçi qadına dönərək: – Özüm çay verəcəyəm,–deyə onu azad etdi. Hökumət üzvləri arasında Leyla xanımın hansı libasda əks aldırması barəsində mübahisə qopdu. Bu iclasa Mərkəzi Kaspi hökumətinin birinci iclası demək olardı. Bu iclas hökumət üzvlərinin 31 iyul axşam saat 11-də çağırdığı birinci rəsmi müşavirəni əvəz edirdi, çünki mübahisə çox uzun çəkdi. Müşavirənin vaxtı ötdü. Leyla xanım özünün çap olunmuş geyim albomunu stol üzərinə qoydu. Yeni hökumət üzvləri gözlüklərini taxaraq, albomu gözdən keçirdilər. Geyimlərin modu, cinsi, rəngi və qiyməti haqqında öz cib dəftərlərində qeyd etdilər. Mübahisə qızışdı. Hər kəs rəng üzərində, hər kəs bir mod və bir cins üzərində dayandı və çıxış etdi. Gecə saat üçə qədər danışdılar, razılaşa bilmədilər. Leyla xanım iclasın mabədini sabaha qoymağı təklif etdi. Sadovski söz aldı: – Xanım həzrətləri, etiraz etməyə icazə verin. Çünki vaxt hazırkı momentdə hər dəqiqə yeni hökumət üzvləri üçün qiymətlidir. Hökumətin bir çox təcili məsələləri var, rica edirəm bu gün işimizi bitirək. Bu təklif bir səslə qəbul olundu. Müşavirə davam edirdi. Bu gecə Bakı mühiti, Bakı fəzası, Mərkəzi Kaspi hökuməti üzvlərinin fikirləri qədər qaralmışdı. Mərkəzi Kaspi hökuməti üzvləri Leyla xanım ilə əyləndikləri, mədələrini şəkərçörəyi ilə doldurmağa çalışdıqları halda, hökumətdən çəkilən bolşeviklər yenə də Kommunaya sadiq qalan Bakı proletariatına başçılıq edərək Petrovun dəstəsinə qoşulub Bakının müdafiəsinə çalışırdılar. Geyim üstündə mübahisə davam etdiyi zaman Bakını mühasirə edən Türkiyə ordusu ərkani-hərbində də müşavirə vardı. Mürsəl paşa və Nuru paşa Bakı xəritəsini açıb, Bakı proletariatının qəlbinə hansı tərəfdən yara vuracaqları haqqında mübahisə edir və hücum nöqtəsini təyin etməyə çalışırdılar. Paşalar hücum üçün orduya təlimat göndərdikləri zaman, menşevik və sağ daşnaq nümayəndələri də Leyla xanımın qara paltar geyməsini qət etdilər. Sağ esərlər buna qəti etiraz etdilər. Onlar deyirdilər: – Əvvələn, Leyla xanımın saçları, gözləri və qaşları qaradır. Onun geyimi də qara olsa, tarixi şəklin nəfasəti azalmış olacaqdır. Xüsusən, xanımla birlikdə əks aldıracaq hökumət üzvlərinin də libasları qaradır. Daşnaqlar 12 nömrəli geyimi bəyənmişdilər. Sağ esərlər 44-cü nömrəni seçdilər. Nəhayət, qırmızı libası təklif etdilər. Menşeviklər qırmızı rəngə etiraz edərək dedilər: – Ağalar, bu siyasi savadsızlıqdır. Biz hələ qırmızılardan yaxa qurtarmadan, qırmızı rəngə rəğbət göstərmək böyük səhvdir. Leyla xanım bu kimi yersiz mübahisələrlə Mərkəzi Kaspi hökuməti üzvlərinin vaxtını almağa və onsuz da zəif olan müdafiə işlərini pozmağa çalışırdı. Leyla xanım hökumət üzvlərinə dönərək dedi: – Əlahəzrətlər icazə versəydi, mən də bu barədə danışardım. Böyük Britaniyanın kiçik, alçaq və rəzil nökərləri başlarını əydilər ki: «Buyurun, biz xanım həzrətlərinə Böyük Britaniyanın siyasi nümayəndəsi kimi baxır və hörmət bəsləyirik». Leyla xanım daha da nazlanaraq davam etdi: – Mənçə ağ paltar geyməyim məsləhətdir. Zira, ağ paltar Mərkəzi Kaspi hökuməti himayəsində yaşayan Azərbaycan xalqının gələcək işıqlı günlərinin simvoludur. Əlahəzrətlər maraqlanırsa, mən ağ paltarda aldırdığım şəkli göstərə bilərəm. Leyla xanım əlini atıb redikulundan bir şəkil çıxartdı. Şəkli bir saata qədər əldən-ələ gəzdirdilər. Hamı bəyəndi: – Belə lazımdır! Əks ağ paltarda alınmalıdır! Sadovski öz razılığını elan edərək dedi: – Biz, bolşeviklər kimi inadçı deyilik, menşeviklərin siyasəti barışmaq və razılaşmaq siyasətidir. Biz güzəştə getməklə də əksəriyyət qazana bilərik. Mən əksəriyyətə tabe olanlardanam. Səsə qoyuram: xanımın ağ paltarda əks aldırmasına kim razıdırsa əlini qaldırsın! Hamı əlini qaldırdı. Gecə saat dörddə məsələ həll olundu. Leyla xanım libasını dəyişmək üçün otağına keçdi. Leyla xanımın paltarını dəyişməyi və tualetini düzəltməyi iki saatdan artıq çəkdi. Bu zaman xidmətçi qadın içəri girib fotoqrafçının evinə getmək üçün icazə istədiyini xəbər verdi. Sadovski xidmətçiyə dedi: – Get fotoqrafçıya de ki, hökumət əmr edir, oturub gözləsin; hökumət onun bu xidmətini qeyd edəcək və bundan sonra mühüm sifarişləri ona tapşıracaqdır. Leyla xanım hökumət üzvlərini lazımi qədər saxlamışdı. Artıq onların özləri də getməyə tələsmirdilər. Çünki şəhərin müdafiəsi üçün gecə saat on birdə çağırılmış birinci müşavirə pozulmuşdu. Onlar Leyla xanımın görüşünə gələrkən onu birinci müşavirəyə aparmaq fikrində idilər. Leyla xanım isə onları gecə saat beşə qədər öz yanında saxlamağa müvəffəq olmuşdu. Saat altının yarısında Leyla xanımın qapısı açıldı. Sadovski ağ ipək paltar geyinmiş Leyla xanımı görüb dilləndi: – Ağ buludlara bənzəyən incə vücud, yenə də ağ buludlar kimi hərəkət edir. Qara saçları örtən ağ örtüyün ucları da mələk qanadı kimi tərpənir. Biz indi qırmızı təhlükəni təsviyə etməkdən ötrü Bakıya uçan cənub mələyini görürük. Hökumət üzvləri ayağa qalxaraq Leyla xanımı alğışladılar. Fotoqrafçı gəldi. Əks alınmağa başlanırkən, yenə bir ixtilaf çıxdı, indi də Leyla xanımın kimin yanında oturması məsələsi mübahisə törətdi. Leyla xanım işə girişərək dedi: – Bu ixtilafı özüm ləğv edəcəyəm: sağ tərəfimdə cənab Sadovski, sol tərəfimdə Velonts həzrətləri, arxamızda sağ daşnaq partiyası nümayəndəsi, qarşıda isə Ayollo cənabları ilə başqaları oturmalıdır. Bu qərarla fotoqrafçı da razılaşdı. Lakin fotoqrafçı xahiş etdi ki, əlahəzrətlər yarım saat gözləsinlər. Çünki yarım saatdan sonra, hacının böyük şüşəli pəncərələrinə gün düşəcək idi. Buna görə də şam üçün hazırlanmış xörəklər səhər yeməyi əvəzinə sufrəyə verildi. Yeməyə başladılar. Hacının mahir xidmətçiləri çevik işləyirdilər. Qabların, qaşıqların, çəngəl-bıçaqların, qəhqəhə və nitqlərin səsi evi başına almışdı. Çəbhədən-çəbhəyə atılan yorğun əsgərlərin təngnəfəsliyi, açlığı, xalqın menşeviklərə yağdırdığı lənətlər, hacının evində kef çəkən hökumət üzvlərinin heç vecinə deyildi. Şəhər atəş və dəhşət içində idi. Türk ordusu çəbhəsindən atılan top güllələri bütün Bakı mühitini titrədirdi. Şəhəri müdafiə üçün Petrovski meydançasında toplanan Petrov qızıl əsgərlərinin başına güllə yağırdı. Sufra yığışdırıldı. Günəş şuaları Leylanın qara ipək saçlarını oxşadığı zaman, fotoqrafçı da içəri daxil oldu. Bir əks Leyla xanımla, digər bir əks də Leyla xanımın iştirakı olmadan alındı. Fotoqrafçı negativləri öz meşin sumkasına qoyduğu zaman Leyla dedi: – Negativləri mən özüm düzəldəcəyəm, bu barədə təcrübəm vardır. Öz əlimlə düzəltməyim, əkslərin tarixi əhəmiyyətini bir daha artırmış olacaqdır. Bu söz Sadovskiyə yenidən ilham verdi. O, Leyla xanımın əlini sıxaraq dedi: – İndi biz sənin xidmətinizə nə üçün gəldiyimizi söyləyib sizi təbrik edə bilərik, ingilis qonaqları Bakıya gətirmək üçün Ənzəliyə xüsusi heyət və gəmi göndərilmişdir. Heç şübhə yoxdur ki, cənab şahzadə Bahadır xan həzrətləri də tezliklə Bakıya təşrif buyuracaqlar... Hökumət üzvləri eşiyə çıxdıqda, Leyla xanım qapını bağladı və onların dalınca qəhqəhə ilə güldü. Xidmətçi qadını çağırıb əmr etdi ki, kimsəni içəri buraxmasın. Leyla xanım əvvəl hökumət üzvlərinin əkslərinin surətini çıxarmaqla məşğul oldu. Sonra da onlarla bərabər aldırdığı əksə diqqətlə baxaraq şüşəni sındırdı. Telefon otağına keçdi, Ağabala Quliyevi səslədi və bir neçə saniyə danışdı: – Leyla xanımdır! Hökumət üzvlərini dünən axşam saat 9-dan səhər saat 7-yə qədər burada saxlamışdım. Axşam saat 11-də çağırdıqları müşavirənin baş tutmasına imkan vermədim. Ordu ərkani-hərbinə göndərilmək üçün əkslərini aldırdım. Lakin olduqca qalın, qaba və axmaq həriflərdir. Bunların hamısından sonra. verdiyiniz vədlərə əməl olundumu?.. Təşəkkür edirəm... İnanmıram... Nə vaxtdan bəri... iki saat əvvəl?.. Əcəba, mənə nə üçün xəbər verməmişdir! İndi danışmaq mümkündürmü? Mümkündür? Elə isə telefonu ərkani-hərbin xüsusi telefonu ilə rəbt etmək olmazmı?.. Olar? Elə isə gözləyirəm. Lakin cənab Ağabala, siz diqqətli olmalısınız. Telefon başqa yerə rəbt olunsa, yaxud bir dolaşıqlıq olsa, başqa telefonlarla əlaqə yaransa, bütün səyimiz hədər gedəcəkdir. Çox gözəl, əmin oluram... Leyla xanım telefonda durub bir neçə dəqiqə gözlədi. Nəhayət, telefonun zəngi vuruldu, Leyla heç bir söz demədən dəstəyi götürüb dinlədi və: – Cənab hacı Zeynalabdin Tağıyevin evidir... Əvət! Xaricdə nömrə 11, daxildə 4, vəsiqə 21, vasitə 41, təftiş 55, dolamabağça 16. Dinləyin şifahi nömrə 1. Rus ayının 26-daki iclas qırmızıların məğlubiyyətilə nəticələndi. İclasda menşeviklər, sağ eser və sağ daşnaqlar əksəriyyət qazandı. Sol daşnaqlar və sol eserlər qırmızılara sadiq qalıb, bolşeviklərin tərəfinə keçdilər. Bakıda gələcək hökumət Mərkəzi Kaspi üzvlərindən seçiləcəkdir. Bolşeviklərin azlıqda qalmalarına baxmayaraq, hələlik Xalq Komissarlar Soveti öz işini aparır. Mərkəzi Kaspi hökuməti təşkil edilmişdir. İşçilərin çox hissəsi yenə də bolşeviklərə sadiq qalmışdır. Dünən axşam, ingilisləri Bakıya gətirmək üçün gəmi göndərilmişdir. Lakin Ənzəlidən aldığımız məktuba görə ingilislərin qüvvəsi ayın birindəkindən artıq deyildir. Biçeraxov öz qüvvələrini Şimali Qafqaza çəkmiş və bolşeviklərlə əlaqəni kəsmişdir. Çəbhədəki erməni batalyonları itaətsizliklə davam edir: Mərkəzi Kaspi hökumətinin başıpozuqları intizam altına ala biləcəyi və çəbhəyə göndərəcəyi şübhəlidir. Hazırda çəbhəni, ancaq Şaumyanın tələbi ilə Moskva bolşevikləri tərəfindən göndərilmiş Petrovun dəstəsi müdafiə edir. Onlar öz qüvvələrini şəhərin içinə köçürmüş və toplarını əski qəbiristana baxan geniş meydanda yerləşdirmişlər. Şaumyan işçiləri Petrovun ətrafında toplamağa çağırır. İngilisləri Bakıya gətirmək şanyələri müsəlmanlar tərəfindən nifrətlə qarşılanır. Bolşevik ruhlu işçilərdən və bəzi ziyalılardan başqa, bütün camaatın Türkiyə himayəsinə rəğbət bəslədiyi hiss olunur. Erməni-müsəlman xalqı arasında düşmənçilik yayılmasına menşevik təşviqatçıları yardım vermişlər. Menşeviklər erməni-müsəlman ədavətinin təqsirini bolşeviklərin boynuna atmaq, bununla da bolşeviklərı kütlə arasında etibardan salmaq istəyirlər. Böyük kapitalistlər arasında müstəqim bir fikir yoxdur. Bakı müsəlmanları arasında mötəbər sayılan və eyni zamanda Bakı zənginləri arasında böyük nüfuza malik olan hacı Zeynalabdin Tağıyev olduqca islampərəst adamdır. Bu zat əski Rusiyanın bərpa ediləcəyinə inanmır. O, qırmızılardan və Vətəndaş müharibəsindən qorxur. Buna görə də o, Azərbaycanın bolşeviklərə cavab verə biləcək qüvvətli bir hökumət əlində olmasını istəyir. Tağıyev və onun yoldaşları, açıq deməsələr də, həqiqətdə ingilis tərəfdarıdırlar. Tağıyev öz xüsusi söhbətində alman-türk ordusunun qalib gələcəyinə inanmadığını dedi. O, «müsavat» partiyasına heç də hörmət bəsləmir. Onların istiqlaliyyət iddialarına gülür. Çünki o, bilir ki, «müsavat» hökuməti onun var-dövlətini bolşeviklərdən qoruya bilməyəcəkdir. Tağıyev Misir və Hindistandakı asılı və yarım müstəqil hökumətlər kimi bir hökumət tərəfdarıdır. Bu kimi fikirlər «müsavat» partiyasının rəhbərliyi altında düzələn, milli komitə üzvləri arasında da yayılır. Lakin Bakı əhalisində Türkiyəyə təslim olmaq meyli gündən-günə artmaqdadır. Bolşeviklərin inadı ordumuzun Bakıya girməsinə əngəl törədir. Daşnaq və menşeviklərin ayın 26-da da əksəriyyət qazanmaları bir ay bundan əvvəl əldə edilə bilsəydi, ordumuz, qan tökülmədən Bakını alacaqdı. Çünki çəbhədəki orduya, yalnız bolşeviklər rəhbərlik edir. Menşevik təşviqatı nəticəsində bəzi dəstələr müharibədən boyun qaçırmışsa da bolşeviklərin rəhbərlik etdiyi qoşunlar Bakı müdafiəsini özü üçün həqiqi vəzifə saymaqdadır. Yerli əhali Mərkəzi Kaspi hökumətinə inanmır. Onlar yeni bir təbəddülat gözləyirlər. Yerli burjuaziyanın müəyyən bir qrupu ingilislərin Bakıda qalacağına inanmasa da, nəticədə Bakını ancaq çar generallarına təslim edib gedəcəyinə inanırlar. Mərkəzi Kaspi hökuməti üzvlərinin rəsmini aldırmışam. Sabahkı məktubumla göndərəcəyəm. * * * XX. İngilislər gəlir Bu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər. «Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi. Çəbhə ilə danışdılar. Üsyan etmək barəsində ordu ərkani-hərbinin fikrini soruşdular. Yarım saatdan sonra Leyla xanım ərkani-hərbin təlimatını elan etdi: – Ordu ərkani-hərbi daxildə iğtişaş etməyi məsləhət görmür. Üsyan ingilislərin şəhərə daxil olması ərəfəsində baş versə, onlar bəhanə edərlər ki, şəhəri müharibə ilə almışıq. Üsyan yerli müsəlmanlar üçün zərərlidir, çünki şəhər çəbhəyə çevrilmişdir. Hamazasbın batalyonu kimi, daşnaq partiyası təsiri altında olan başqa erməni qoşun hissələri də tamamilə şəhər içindədir. Silahsız müsəlmanları ikinci kərə aldadıb üsyana qaldırmaq, onları qırdırmaq deməkdir. Qoşunların və topxananın yerləşmiş olduğu küçələrdən və çəbhə yaxınlığından müsəlmanları şəhərin şimal və qərb tərəflərinə köçürmək lazımdır. İngilisləri Bakı ruhaniləri ilə qarşılamaq və onlara hörmət etmək tamamilə yersizdir. Müşavirə müəyyən qərara gəlmədən qapandı. Çünki türk ordusu şəhərə girməkdə idi. Qorxaq adamların çoxu iclası buraxıb getmişdi. Leyla xanım müşavirədən sonra telefon otağına keçərək, çəbhə ilə danışmağa və müşavirədən aldığı təəssüratı deməyə başladı: – Müşavirə, müzakirəni dayandırdı. Onlar Gəncədən, partiyanın mərkəzi komitəsindən təlimat gəlincəyə qədər müəyyən qərar çıxara bilməyəcəklərini söylədilər. Mənim «müsavat»çılara o qədər də ümidim yoxdur. «Müsavat» partiyası güclü bir hökumətin qucağına atılmağa çalışır. İngilislər erməni məsələsinə də güzəştə getsə, müsavatçıların xahişini dinləsə, onlar ingilislərin tərəfinə keçərlər. Hər halda Türkiyənin Zaqafqaziya siyasətində «müsavat» partiyasının yardımına ümid bəsləmək olmaz. «Müsavat» partiyası, avam camaat arasında özünü Türkiyə tərəfdarı kimi tanıtmaqla nüfuz qazanmağa çalışmışdır. Camaat bu partiyanın özünə, onun işinə hörmət bəsləmir. Çünki partiya kütlənin partiyası deyil, müəyyən bir qrupun, daha açığı bir ovuc ziyalıların, bəylərin və xanların partiyasıdır. Xüsusən kəndlilərlə «müsavat» partiyası arasında dərin bir uçurum vardır. Çünki mülkədarlar və ümumiyyətlə bütün istismarçılar «müsavat» partiyasının rəhbərliyi sırasındadırlar. «Müsavat» partiyasının adi üzvlərinin çoxu qoçuların təhdid və tapançası gücünə partiyaya daxil olanlardır. Kəndlilər bolşevik təbliğatı ilə əhatə edilmişlər. Mülkədar evlərini kütləvi surətdə dağıdır, onları malikanələrindən qovurlar. Bütün bunları nəzərə alaraq, türklərin «müsavat» hökumətini təşkil etmək şüarı ilə Bakıya girmələri müvəqqəti bir şeydir. «İslamları ermənilərdən qorumaq üçün türklərin Bakıya gəlməsi» şüarı bizim üçün əlverişli bir şüardır. Bunun üçün də dindar və avam camaat türkləri gözləyir. «Müsavat» partiyasının bizim üçün ən əlverişli bir siyasəti varsa, o da Azərbaycan müsəlmanları arasında ermənilərə qarşı intiqam fikri oyatmasıdır. «Müsavat» partiyası bu sahədə daşnaq partiyası rəhbərlərindən artıq çalışmışdır. Bakı neftinə «müsavat» partiyasının yardımı ilə sahib olmaq fikri əsassız bir arzudur, çünki bu partiya nüfuzlu partiya deyildir. Bakıdakı müxtəlif partiyalara nisbətən «müsavat» partiyası çox zəif bir mövqe tutur. Varlı kəndlilər arasında nüfuza malik olan partiya «İttihadi-islam» partiyasıdır. Bütün ruhanilər, mütəəssib adamlar, əski osmanlı ədəbi məktəbini keçən ziyalılar, əski müəllimlərin müəyyən bir hissəsi Azərbaycanda nəşr edilən Jontürk mətbuatının ədəbi məktəbini keçənlər «İttihadi-islam» partiyasının nüfuzu altındadırlar. Bunlardan sonra, əski rus tərbiyəsi almış və rus mədəniyyəti ilə ruhlanmış müəyyən bir qrup ziyalılar var ki, yenə də əski Rusiyaya məhəbbət bəsləyirlər. Əski zabitlər, yüksək və orta vəzifədə olan hökumət məmurları və bir sıra müəllimlər bu qrupa daxildirlər. Leyla xanım dəstəyi yerə qoydu. Paltar otağına getməli idi. Çünki Mərkəzi Kaspi Diktaturası üzvləri xəbər vermişdilər ki, Leyla xanımın yanına gəlib onu götürəcək, ingilisləri qarşılamaq üçün birlikdə körpüyə gedəcəklər. O, hələ paltar otağına girməmişdən, xidmətçi qadın bir məktub gətirdi. Leyla xanım zərfi oxuyan kimi bədəni titrədi. Zərfin üzərindəki yazı Rayanın xətti idi. Ağabala Quliyev Rayanın qaçdığını indiyə qədər Leyla xanıma xəbər verməmişdi. O, tələsik otağına daxil olub zərfi açdı. – Aman allahım, gör o, nə yazır, – deyə məktubu oxumağa başladı: «Vicdansız Leyla! Sən məhv olduğunu zənn etdiyin və Bakı qoçularının «vicdanına» əmanət tapşırdığın Raya ölməmişdir, diridir! Mən indi azadlığa çıxmışam, mən bütün vaxtını işçi sinfinə qarşı xəyanətlə keçirən namussuz, vicdansız bir türk qızına təsadüf etdikdə ümumiyyətlə türk qızlarının namus və əzəmətinə heç də şübhə etmirəm. Çünki mən sənin həbsxanandaca işçi sinfinin qeydinə qalan, namuslu və məhəbbətli bir azərbaycanlı qız gördüm. Mən indi bütün əməkçi qadınlığın sədaqət və əzəmətini həbsxanada xidmətimə təyin olunmuş yoxsul bir qızın simasında gördüm. İndi gələk sənin məsələnə. Mən həbsxanadan qaçdığım günün səhəri bolşeviklərin vasitəsi ilə səni həbsə aldıra bilər və cəzalandırmağı bacarardım. Mən bir neçə səbəblərə görə bundan vaz keçdim. Mən ingilislərin, eləcə də Mərkəzi Kaspi diktaturasının əleyhinə çalışıram. Onlar mənim məslək düşmənlərimdir. İvanovun xəyanətini mən açdım, onun hazırladığı suiqəsdi ifşa etdim. Mən bundan sonra işləmək fikrində olmasaydım, öz sirrimi açmaq, yaxud həmişəlik Bakıdan getmək istəsəydim, səni bir saat azad buraxmaz, həbs etdirərdim. Lakin belə olduqda ingilislər, elə də Mərkəzi Kaspi diktaturası üzvləri mənim özümü də tanımış olacaqdı. Leyla, sənin bu neçə gündə azad dolanmağına səbəb bunlardır. Sən əmin ol ki, illərdən bəri çalışdığın arzulara nail ola bilməyəcəksən. Sən türklərin Bakıda hökumət sürdüyünü görə bilməyəcəksən. Türklər Bakıya gəlsə də səni görməyəcəklər. Mənim haqqımda bacardığını əsirgəmə. Mən xəbər verirəm: səni öz əlimlə cəzalandıracağam, ayıq ol!.. Raya 3 avqust, 1918-ci il». Leyla məktubu bir neçə kərə oxuduqdan sonra dəli kimi yerindən qalxıb telefona qaçdı və Ağabala Quliyevi səslədi. – ...Bəli, danışan Leyladır!.. Əlbəttə acıqlıyam!.. Sizə tapşırdığım bolşevik qız haradadır?! Nə üçün mənə xəbər verməmişsiniz? Bu böyüklükdə bir xəyanətdən qorxmadınız, amma mənə xəbər verməkdən qorxdunuzmu?! Siz bilirsinizmi ki, o qız istədiyi zaman məni məhv edə bilər?! Siz bilirsiniz ki, haman allah bəlasını vermiş qız bütün sirlərimizi bilmişdir. Xeyr, heç bir təşəbbüs lazım deyil. Onu öz başına buraxın!.. Yox! Yox! Heç bir tərəfə getməmişdir. Buradadır. Bu gün təhdid məktubunu almışam... Sizə oxuyaram. Onu nə axtarmaq, nə də ona toxunmaq lazımdır. Siz mənim bütün planlarımı pozdunuz... Bəli pozdunuz... Siz nə avam və qeydsiz adamlar imişsiniz! Mənim ən qiymətli bir vəsiqəmi və türklər üçün ən dəyərli bir hədiyyəmi əldən verdiniz. Yaxşı. İndi daha iş-işdən keçmişdir. Mənim müdafiəmi düşünməlisiniz. Bolşevik qız məni cəzalandırmaqla təhdid edir... Allah bəlanızı versin... Leyla sərxoş adamlar kimi telefon başından qalxıb öz otağına girdi. Əllərilə başını tutaraq Rayanı həbs etdirmək işinin səhv olduğunu indi düşünürdü. Xidmətçi qız qapını döydü. Leyla daxil olmasına icazə verdi. Xidmətçi qız hacının Mərdəkan kəndindən yazdığı məktubu Leylaya verdi. «Mənim ikinci Leylam! Bağın havası olduqca lətifdir. Şəhərdən Mərdəkana qaçanlar, şəhərin həddən artıq isti olduğunu danışırlar. Biz səndən nigaran qalmışıq. Mümkün olsaydı yığışıb bağa gələrdin. Sənə çörək göndərdik. Çünki Bakıda çörək olmadığını eşitmişik. Leyla! Allahın köməyi ilə türklər Bakıya daxil olursa, paşaların şərəfinə onlara ziyafət verərsən. Mərdəkanda türk zabitləri və qoşunu üçün çörək hazır etdirmişəm. Qoyun və öküz alınmışdır. İlk dəfə bütün ordunu qonaq edərsiniz. Cənab Ağabala ilə danışarsan, qonaqlığı lazımınca təşkil etsinlər. Bu belə, inşallah özüm də şəhərə gəlib əziz qonaqlarla görüşərəm. Allah eləməmiş, türklərdən qabaq ingilislər Bakıya girsə, istiqbal edərsən, cənab şahzadə Bahadır xanı və generalı evə gətirərsən, gözəl ziyafət təşkil edərsən. Bacardıqca cəlal və dəbdəbə göstərərsən. Qoy ingilislər bilsin ki, Bakıdakı müsəlmanlar mədəniyyət və cah-cəlal cəhətincə ermənilərdən yuxarıdır. Evləri lazımınca gəzdirib göstərərsən. Pasajı, bankımı, mülklərimi və bacarsan toxucu fabrikimi göstərərsən. Divardakı dəmir sandığın açarını göndərərəm. Açıb padşah göndərdiyi həmayilimi və nişanları, generallıq fərmanını da onlara göstərər və məni lazımınca onlara təqdim edərsən. Mənim yazmağım lazım deyil. Özün necə bilirsən elə də danış. Bakıya hər hansı padşah məmuru və yuxarı mərtəbəli adam gəlibsə ancaq məni tanıyıb. Dediyim odur ki, ayıq olasan, gərək ingilis generalı da hacını qeyd etsin. Bu barədə cənab şahzadə Bahadır xanı da başa salarsan. Qızım! Bir də bunu yazıram ki, bir vaqon alt paltarlığı bez vardır. Hansı hökumət qabaqca Bakıya girsə, həmin hədiyyəni mənim tərəfimdən təqdim edərsən. Osmanlılar gəldi—osmanlılara, ingilislər gəldi—ingilislərə... Bunun islam milləti üçün çox faydası olacaq. Sənə bir açıq məktub da göndərirəm. Hərgah ingilis generalını və cənab şahzadə Bahadır xanı ziyafətə dəvət etmiş olsan, bu məktubu oxuyub onlara tərcümə edərsən. Hacı Zeynalabdin Tağıyev Mərdəkan, 4 avqust, 1918-ci il». Leyla xanım hacının ingilis qonaqlara yazdığı məktubu da oxudu: «Möhtərəm qonaqlar! Çox təəssüf edirəm ki, bir tərəfdən qoçalıq, o biri tərəfdən də xəsislik möhtərəm qonaqlarla bir sufrədə əyləşməyimə imkan vermədi. Mən möhtərəm qonaqların zəhmət çəkib evimə təşrif buyurmasını özüm üçün böyük, həm də tarixi bir iftixar sayıram. Mən həyatımda çox xoşbəxtliklər görmüşəm. Mən, Buxara əmiri—həzrətləri ilə bir süfrədə çörək yemişəm. 3-cü Aleksandr həzrətləri böyük kilsənin bünövrə daşını qoymaq üçün Bakıya gəldiyi zaman onunla da bir süfrədə nahar etmək səadətinə nail olmuşam. Daxiliyyə naziri müavini cənab Fon-Val Bakıya təşrif gətirdiyi vaxt onunla da bir süfrə başında əyləşmişik. 6-cı illərdə Qafqaz canişini hörmətli Vorontsov—Daşkov cənabları Bakıya təşrif gətirəndə həmin siz əyləşdiyiniz ziyafət salonunda hüzuruna müşərrəf olmuşam. Bu gün isə ən mədəni və nəcib ingilislərlə tanış olur və əməkdaşlığa başlayırıq ki, bu da yalnız mənim üçün deyil, bütün Zaqafqaziya müsəlmanları üçün bir xoşbəxtlikdir. İnşallah, sağlıq olursa sabah, ya birisi gün hörmətli və əzəmətli qonaqların ziyarətinə nail olacağam. Hörmətlə, hacı Zeynalabdin Tağıyev. Leyla xanım hacının yazdıqlarını telefonla Ağabala Quliyevə xəbər verdi və hər ehtimala qarşı ziyafətə hazırlıq görməsini tapşırdı. Sonra da ingilisləri qarşılamaq üçün geyinməyə və özünə ziynət verməyə başladı. Mərkəzi Kaspi Diktaturası üzvləri ilə sağ daşnaq rəhbərlərinin birləşmiş müşavirəsi bu gün şəhərə daxil olacaq ingilis ordusunun qəbulu məsələsini müzakirə edir və tədbir tökürdülər. Ordu üçün boşaldılan binaların siyahısı oxunanda Araratyan söz alıb danışdı və Mərkəzi Kaspi Diktaturası üzvlərini tənqid etdi: – Siz ingilis ordusuna yer verməyi və onlara layiq binalar hazırlamağı bacarmırdınızsa məni Ənzəliyə və həmədana ingilisləri dəvət etməyə göndərməməli idiniz. Yaxud bunu əvvəlcədən xəbər versəydiniz, mən ingilis generalına deyərdim ki, cənab general, Bakı zəngin və qiymətli bir şəhər olsa da orada iki yüz, üç yüz minlik bir ordunu yerləşdirmək olmaz; yaxşı olar ki, Bakıya gətirilən ordu yüz mindən artıq olmasın. İndi görürəm ki, sizin hazır etdiyiniz binalarda ancaq əlli, özünü öldürsə, altmış min nəfərlik bir ordunu yerləşdirmək mümkündür. Hələ bu öz yerində, üç yüz min nəfərlik ordu üçün ərzağınız hanı? Sadovski buna etiraz etdi: – Bina və yer məsələsində bir söz deyə bilmərəm, lakin ərzaq məsələsində cənab Araratyana etiraz edəcəyəm. Əcəba, qoşun gətirən onun ərzağını gətirməyəcəkdirmi? Yəni ingilislər elə ehtiyatsız adamlardır ki, Bakıda xalqın çörək tapmadığını, fındıq yediyini bilmirlər? Ağalar! Cənablar! Mən sizi əmin edirəm, ingilislər üç yüz min nəfərlik ordu gətirərsə, ona münasib ərzaq da gətirəcəklər. Ayollo danışdı: – İngilislər iki yüz mindən artıq qoşun gətirməz! Elçiyan: – Üç yüz mindən bir nəfər də əskik qoşun gətirməzlər! – deyə cavab verdi. Sadovski etiraz edərək: – Onlar başlı adamlardır. Vəziyyəti öyrənmədən üç yüz minlik ordunu gətirib Bakı çöllərinə tökməzlər. Əvvəlcə yüz, yüz əlli min qoşun gətirəcəklər, artıq qoşun lazım olsa Ənzəli ilə Bakının arası o qədər uzun bir yol deyil. Sağ daşnaq, sağ eser və menşevik nümayəndələri öz fikirlərini söylədilər. İngilisləri qarşılamaq üçün Mərkəzi Kaspi Diktaturası üzvləri arasında vəzifə bölküsü başlandı. Velonts, ordunun hərbi ləvazimatını yerləşdirmək üçün hazırlanmış binalara nəzarət etməyi öz öhdəsinə götürdü. Ayollo baş komandan, ərkani-hərb və zabitlərin mənzil edəcəyi yerləri, xüsusən ingilis siyasi nümayəndəsi—Tiq-Çonsonun xüsusi otağını düzəltmək vəzifəsinə təyin olundu. Məlik-Elçiyan, şəhərin müntəzəm saxlanması, qonaqların təntənə ilə qəbul edilməsi və sair rəsmi qaydalara diqqət vermək vəzifəsini boynuna götürdü. Sadovski «Metropol» otelində çalışacaq idi. Müşavirədə göstərilən təxmini rəqəmlərə görə, ingilis ordusunda altı-yeddi yüz nəfərə qədər zabit var idi. Sadovski bunlara ziyafət hazırlamalı idi. Sadovski bu mühüm vəzifəni lazımınca ifa etmək üçün vəzifə başına getdi. Sadovski Bakıda «ziyafət kralı» adlanan İvan İvaniçi və onun əlaltılarını kiçik bir salona toplayıb ingilis mədəniyyəti haqqında onlara qısa mühazirə oxudu və dedi: – Biz bu gün tarixin mühüm bir səhifəsini yazırıq: Bakı şəhəri bu gün London ilə birləşmiş olur. Bu gecə sizin xidmət edəcəyiniz adamlar Sadovski, Ayollo, Hamazasb, Avetisov, Dukaçiyev, Baqratuni və sair kimi şəxsiyyətlər deyil, buraya gələnlərin çoxu «Bukinham» sarayında, əlahəzrət İngiltərə kralının süfrəsində oturan simalar və intixab edilmiş zatlardır. Süfrədən qabaq tərtəmiz yuyunarsınız, hazırlaşarsınız. İngilis qonaqların yanında boğaz arıtmaq, burun çəkmək və öskürmək olmaz. Onlar bu barədə çox diqqətli, çox da tənqidçidirlər. Sizin bu gecəki hərəkətiniz, bizim mədəni olub-olmamağımızı sübut edəcəkdir. Üst-başınız, əlləriniz, müxtəsər ki, hər bir işiniz təmiz və səliqəli olmalıdır. Bunun üçün də, hökumət xəzinəsindən lazımi qədər pul buraxılmışdır. İndi bir az da sizə bu gecəki qonaqların mədəniyyəti və tarixi haqqında söyləməliyəm... Sadovski bunu deyərək, ingilis mədəniyyəti və İngiltərənin coğrafi mövqeyi haqqında «Metropol» meyxanası işçilərinə uzun-uzadı məlumat verdi. Sonra xidmətçilərin hamısını sıraya düzərək yeriş və baxışlarını nəzərdən keçirtdi. Bu yoxlama nəticəsində Sadovski bir neçə xidmətçini salona girməkdən məhrum etdi. Birisinin yerişi, digərinin baxışı və sair hərəkətləri yaramaz idi. Xidmətçi qadınlar, otaq təmizləyənlər, yorğan-döşək düzəldənlər içərisində yoxlama oldu. Sadovski otel müdirini kənara çəkərək qulağına pıçıldadı, müdir gülümsünərək: – Əlahəzrətin buyruğuna əməl ediləcəkdir, – dedi. Məruzə bitdikdən sonra Sadovski mətbəxə girib qonaqlar üçün hazırlanmış xörəklərin və meyvələrin keyfiyyətini yoxladı. Çəngəl-bıçağı, qaşıqları gözdən keçirtdi. Əl dəsmallarını qoxuladı, salonu, nömrələri, balkonu gəzib təmizliyə baxdı. İvan İvaniçi çağırıb dedi: – İndi bizim həll etməli mühüm bir məsələmiz qalmışdır. O da xörəklərin növündən ibarətdir. Mən necə cürə və nə şəkildə xörək hazırlanacağını bilmək istərdim. İvan İvaniç Bakıda ən məşhur mehmanxanaçı olduğundan Sadovskiyə Avropa xörəklərinin adını saydı, lakin Sadovski bunların heç birisi ilə razılaşmadı. İvan İvaniç və mətbəx xidmətçilərinin iştirakilə kiçik bir müşavirə çağırdı. Müşavirə İvan İvaniçin otağında idi. İvan İvaniç bir səslə iclasa sədr seçildi. İlk dəfə Sadovski söz aldı və dedi: – Ağalar! Siz elə bilməyin ki, bizim kimi hökumət adamları yalnız siyasi məsələlərlə maraqlanırlar. Bu fikir tamamilə yanlışdır. Hökumət adamları hər şey ilə maraqlanmalı və hər şeydən xəbərdar olmalıdırlar. Siyasətin özü də bir sənətdir. Mənçə, bu sənət çəkməçilikdən, at nallamaqdan, aşpazlıqdan və sairədən daha çətin bir sənətdir. Ağalar, hər sənət üçün bir təlimat və göstəriş vardır. Hər sənəti müəyyən bir ustadan öyrənmək mümkündür. Lakin siyasəti kimsədən öyrənmək olmaz. Məsələn, mən siyasəti öz-özümə öyrənib bu mərtəbəyə çatmışam. Siyasət gərək kişinin zatında olsun. Mən bu gecə ingilislərin Bakıya gəlməsini düşünürkən, həmin müşavirədə müzakirə edəcəyimiz məsələ yadıma düşdü. Öz-özümə dedim: «İngilis qonaqların nə yemək istədiyini haradan bilməliyik? Tutaq ki, onların nə cür xörək istədiyini bildik, elə xörəkləri necə hazırlayacağıq?» O saatda yerimdən qalxıb bu kitabı götürdüm.—Sadovski qoynundan bir kitab çıxartdı və sözünə davam etdi. — Budur! Bu kitab ingiliscədən ruscaya tərcümə edilmişdir. «Evdar xanımlara yardım» kitabıdır. Burada xörək bişirmək qaydaları yazılmışdır. Dediyim odur ki, diplomatlıq və siyasət aşpazlıqdan daha çətin bir sənətdir. Çünki aşpazın işini yüngülləşdirmək üçün belə kitablar mövcuddur. Lakin siyasət barədə heç bir təlimat yoxdur. Sadovski aşpazlar və aşpaz şəyirdlərin sürəkli alqışları ilə sözünü bitirdi. Sonra İvan İvaniç müşavirə məclisinə müraciətlə: – İclası bağlı elan edirəm!—dedi. Hamı çıxıb getdi. İvan İvaniç ilə Sadovski oturub kitabçanı oxuyur və lazımi xörəklər seçirdilər. Sadovski aşpazlara və aşpaz şəyirdlərinə məruzə oxuduğu vaxt, Bakı proletariatının həqiqi rəhbərləri də «İvan Kolesnikov» gəmisində toplanıb şəhərin müdafiə tədbirlərini düşünürdülər. Çəbhədən şəhərə yağan top güllələri binaları dağıtdığı, insanları məhv etdiyi və Petrovun cavab atəşi ilə köhnə qəbiristanlıq (türk çəbhəsi) alt-üst edildiyi bir zamanda, Sadovski də aşpazlara və aşpaz şəyirdlərinə məruzə oxuyurdu. Petrovun ərkani-hərbində bolşeviklər ciddiyyətlə xəritəyə baxdığı və türklərin hücum xətlərini atəşə tutduğu zaman, Sadovski də İvan İvaniçlə «Evdar xanımlara yardım» kitabından ingilislər üçün xörək seçirdilər. Sadovski «Metropol» otelində işini bitirib daha mühüm bir vəzifə dalınca yüyürdü. O, Leyla xanımı bəzəmək və ingilislərin istiqbalına aparmaq kimi «şərəfli» bir vəzifəni də öhdəsinə almışdı. Kralın yaveri və Dehli tacı-taxtının möhtəşəm varisi şahzadə Bahadır xanın nişanlısının qoluna girib ingilis ordusunun istiqbalına getmək «şərəfi» ancaq ikinci internasionalın Bakı nümayəndəsi Sadovskiyə qismət olmuşdu. Leyla xanım ingilis gənclərinə məxsus kərpici, güllü paltarını və qısa dabanlı sarı tüflisini geymişdi. Bu, Sadovskinin sevdiyi libas idi. Çünki birinci kərə Leyla xanım Sadovski ilə bu libasda tanış olmuşdu. Xanım geyinib qurtardı, salona çıxıb Sadovskinin əlini sıxdı və soruşdu: – Siz bu paltarı tanıyırmısınız?! – Bəli, tanıyıram, bu paltar sizin paltarınızın sırasında ən sevimli paltardır. – Bu paltar nə cəhətdən sevimli paltardır? – Mənçə, bu ancaq ingilislərə məxsus bir paltar olduğu üçün sevimlidir. Leyla xanım dodaqlarını büzdü: – Paltarın yaxşılığı yalnız ingilislərə məxsus olmasında deyildir. Bu paltar, gəncliyə yeniçə qədəm qoymuş qızlara məxsus bir paltardır. Bu keçid dövrünün paltarıdır. Zatən keçid dövründə hər şey şirin və sevimli olur. Tanışlığın sevgiyə keçən dövrü də həddən artıq xoş olur. Hətta mən bu günkü günü də sevirəm, çünki bu gün hökumət də bir partiyadan yeni bir partiyanın əlinə keçir. Mən bu libası mühüm və böyük bir bayram günündə geymişəm. Bu münasibətlə sizi salamlayıram. Leyla xanım bunu deyərək ağ əlçəkli əlini Sadovskiyə uzatdı, Sadovski də əyilərək xanımın əlindən öpdü. Leyla xanım Sadovskini telefon aparatının yanına göndərdi və dedi: – İndi əlahəzrətlərə xəbər verin! Onları qəbul edə bilərəm. Sadovski dəstəyi götürüb hökumət əzasını çağırdı: – Hər iş öz qaydasındadır. Xanımı qonaqların istiqbalına aparmaq üçün hazırlıq görülmüşdür. Leyla xanım aşağıdakı telefonoqramı sizə verməyi əmr etdi: «İndi əlahəzrətlərə xəbər verin, mən onları qəbul edə bilərəm!». Vaxta az qalır, biz gərək bir saatdan sonra körpüdə olaq. Sadovski telefon ilə danışandan bir saat sonra Mərkəzi Kaspi Diktaturası üzvləri hacı Zeynalabdin Tağıyevin evi qarşısında sıra ilə durub Leyla xanım və Sadovskini gözləyirdilər. Erməni milli soveti nümayəndələri hamıdan qabaqda gedirdi. İngilisləri Bakıya gətirmək üçün birinci qədəmi doktor Araratyan atmışdı. Türklərə təslim tərəfdarı olan və bu barədə çıxarılan qərarı iyulun 31-də Komissarlar Sovetinə elan edən Kulxandanyan və miralay Qazarov da, şəhərin işğalı təxirə düşdüyündən, «Yaşasın ingilislər!»—deyə bağırırdılar. Leyla xanım Esterə yaxınlaşaraq qolundan tutmaq istədikdə, Ester uzaqlaşdı və onunla birlikdə getməkdən imtina etdi. Leyla xanım Esterlə bir faytonda oturmağa çalışdısa da, Ester Elçiyan oturduğu faytona oturub yola düşdü. Esterin bu hərəkəti Leylanın nəşəsini pozdu və Esterdə bir sirr olduğuna şübhə oyatdı. Körpü ətrafı camaatla dolmuşdu. Şəhərin şiddətlə bombardman edilməsinə baxmayaraq ingilislərin gəlməsilə maraqlananlar tökülüb gəlmişdi. Tamaşaçılar arasında cürbəcür söhbətlər olurdu. Menşeviklərin küçə təşviqatçıları yenə işə başlamışdı. Arıq simalı qoca menşevik bir həyula kimi küçədə dayanaraq, yanındakılara söhbət açmışdı. O, uzun bir tarixi olan burunotulu dəsmalını köhnəlmiş və bozarmış vizitqasının arxa cibindən çıxartdı. Bir şüşəsi ağ, bir şüşəsi qara gözlüyünü sildi və gözünə taxdı. Burnundan uzağı görməyən menşevik, bu gün nədənsə çox uzaqlara, Narkin adasından da o tərəfə baxırdı. Qoca menşevikin yanında bir qadın, bir də işçi durmuşdu. O, qadına necə kərə söz atdısa da, qadın burunotu iyinə davam gətirməyərək burnunu tutdu və üzünü başqa tərəfə çevirdi. Nəhayət o, yanında duran işçini dümsüklədi. İşçi ona tərəf çevrilib soruşdu: – Nə demək istəyirsiniz? Dilinizlə deyə bilməzsiniz? – Bağışla, de görüm, sən o uzaqdakı qara nöqtələri görürsənmi? – Hansı nöqtələri sən görürsən? – Nə cəsarətlə məni «sən» çağırırsan? – Səndən öyrəndim. Sən çağırana «sən» deyə cavab vermək lazımdır. – Bolşeviklər sizi tərbiyəsiz öyrətdilər. Böyük-kiçik saymırsınız. – Çox yaxşı, buyurun görək, nə demək istəyirsiniz? – Mənim dediyim odur ki, siz haman uzaqda, Narkindən o tərəfə solda, şimala mail o qara nöqtələri görürsünüzmü? İşçi diqqətlə ətrafı gözdən keçirtdi və ən uzaqlara baxdı, lakin heç bir şey görə bilməyərək qoca menşevikin cavabını verdi: – Xeyr! Mən heç nə görmürəm. Orada heç bir şey yoxdur. Menşevik dedi: – Əlbəttə, sən görə bilməzsən. Sənin gözlərin peyserindədir. Üzün cənuba baxsa da, gözlərin şimala, Moskvaya baxır. Lakin daha gecdir. İndi gərək ağıllı adam nəzərini, həm də qəlbini dəyişsin. Bu sözlərdən sonra, işçi bir daha dənizə baxdı və: – Orada bir şey görə bilsəydim heç vaxt inkar etməzdim. Təəssüf olsun ki, oradan bir quş da uçmur. – Mən barmağımı hara tuturamsa, sən ora bax! İşçi qəti olaraq dedi: – Mən barmaqla göstərilən yerə baxan işçilərdən deyiləm. Mənim öz şüurum vardır. Sarsaq adamların sözünə də məna vermərəm. – Sən bir də bax! Narkinin arxasında, sol tərəfdə böyük paroxodlar irəliləməkdədir, o paroxodların hər biri bir dünyadır. Bir saatdan sonra onların içərisindən mübariz, mədəni və nəcib insanlar Bakı küçələrini dolduracaqdır. Sağ tərəfdə böyük bir qara nöqtə görünür. Oradan əjdahaya bənzər toplar, ildırım saçan pulemyotlar, yüzlərcə tanklar, zirehli avtomobillər sahilə çıxacaq və ingilis əzamətinin nümunəsini göstərəcəkdir. Haman dal tərəfdə görünən xırda nöqtələr get-gedə böyüməkdədir. Onlar paroxoddur, onların içində ikinci internasionalın sadiq oğullarına köməyə gələn on minlərcə nəcib ingilislər vardır. İşçi, bir daha dənizə nəzər saldı. Heç nə görmədiyi üçün menşevikin üzünə diqqətlə baxdı və menşevikdən soruşdu: – Siz burunotu çəkirsinizmi? – Bəli çəkirəm; bunun nə dəxli var? İşçi heç də vüqarını pozmayaraq dedi: – Bizim aramızda ixtilafa əsas səbəb sizin gözlüyünüzdür. Çünki siz onun şüşələrini burunotulu dəsmal ilə silmisiniz. Burunotu sizin gözlüyünüzü ləkələmişdir. Nə qədər ki, gözlüyünüz ləkəlidir, siz elə qaraltıları görəcəksiniz. Yalnız siz yox, ümumiyyətlə menşeviklərin gözlükləri ləkəlidir. Onlar dünyanı həqiqi halında görə bilmirlər. Onlar məfkurələrinə bu ləkəli gözlüyü taxmasaydılar bu gün özlərini gülünc vəziyyətə salmazdılar. Qoca menşevik gözlüyünü ətəyi ilə təmizləyib gözünə taxdı və Xəzər limanının hər tərəfinə diqqətlə tamaşa etdi. Əvvəlki qaraltıları görmədiyi üçün gözlüyü çıxarıb cibinə qoydu və sakit dayandı. Sadovski də cürbəcür fikirlər içərisində çapalayırdı. Onun xəyalında ingilislərin Bakıya gətirdiyi hərbi qüvvə gah kiçilir, gah da böyüyürdü. Onun fikri bir mərkəzdə dayana bilmirdi. Gah minlərcə ingilis süvarisinin Olkinski küçəsində rəsm-keçidə gəldiyini, gah alayların saatlarca menşevik rəhbərlərini salamladığını, raport verdiyini, əli qılınclı zabitlərin keçərkən Sadovskiyə gözucu baxdığını, tanklar dalınca yüzlərcə topların gurultu ilə süründüyünü görürdü. O, generalın başı üstündə dalğalanan Britaniya bayrağını görürkən şlyapasını çıxarıb təzim etdiyini xəyalına gətirəndə özü də hiss etmədən şlyapasını çıxarıb başını əydi, yanındakıların heyrətini görüb özünə gəldi və şlyapasını başına qoydu. Menşevik xülyapərvərləri Qafqaz-Merkuri körpüsünün hər tərəfini bürümüşdü. Boş xəyallar və arzular, Bakı proletarının xainlərə qarşı yağdırdığı lənətlər menşevik, eser və daşnaqların başında çəkilməz bir ağırlıq olmuşdu. Körpü üstündə duran rəhbərlərin heç biri o birisini hiss etmirdi. Çünki onların hər birisi ingilislərdən gözlədiyi vəzifəni və rütbəni öz beyninin əyri tərəzisində ölçür, düşünürdü. Leyla xanım da başqa cür düşünürdü. O, bolşeviklər əleyhinə işlədiyi və ifa etdiyi vəzifələrdən nə qədər sevinirsə, türklərin xatirinə ingilislər əleyhinə işlədiyindən də qorxuya düşmüşdü. Xüsusən o, Tiq-Çonsonun birinci növbədə Rayanı xəbər alacağını düşünür və Raya məsələsindəki müvəffəqiyyətsizliyini xatirinə gətirib titrəyirdi. O, bir dəqiqə də özünü təhlükəsiz hiss etmirdi. Rayanın onu ifşa etməsi və cəzalandırmasından qorxur və get-gedə həyəcanı artırdı. Körpüyə yalnız mümtaz ailələrin üzvləri buraxılırdı. Daşnaq, menşevik və eser ailələri və onlarla bərabər gələn kübarlar ingilis qonaqları tam səbirsizliklə gözləyirdilər. Körpünün üstü qiymətli xalçalarla döşənmiş və hər tərəfə güllər, çiçəklər səpilmişdi. Qadınların əldə tutduğu gül dəstələrinin ağ ipək lentası üzərinə zərlə «İngiltərə imperialistlərinə» yaltaqçasına təriflər yazılmışdı. İngilis imperialistlərinin əlində alət olan və bununla da minlərcə erməni əməkçilərinin məhvinə səbəb olan daşnaqlar burada da öz xain xətti-hərəkətində davam edərək ingilisləri «erməni millətinin hamisi» deyə tərif edirdilər. Tam bir əsrdən bəri İngiltərənin vədləri ilə erməni xalqını aldadaraq qırdıran daşnaqlar, bu gün erməni xalqını yeni fəlakətlərə sövq edir və İngiltərə siyasətinin quyruğunda gedirdilər. «Kursk» gəmisi körpüyə yanaşdı. Gəmidən ilk çıxan ingilis miralayı Stokks, ingilis siyasi nümayəndəsi Tiq-Çonson oldu. Hər ikisi hərbi nizam alaraq baş əydi və Leyla xanımın əllərindən öpdü. Miralay Stokks Bahadır xanın Leyla xanıma göndərdiyi məktubu təqdim etdikdə Leyla xanım da Rayanı həbs etdirdiyi zaman ona yazdığı məktubu Tiq-Çonsona verdi. Leyla xanım Esteri onlara təqdim edərək dedi: – Xanım Esterdir. Atası məşhur anqlofil və erməni milli sovetinin nüfuzlu üzvlərindən, daşnaq partiyası rəhbəri doktor Araratyanın qızıdır. İngilis miralayı və siyasi nümayəndəsi onun əlini sıxdı və doktor Araratyana yanaşaraq: – Xoş gördük, bizim əski dostumuz, – dedilər. Leyla xanım hökumət üzvlərini qonaqlara təqdim etdikdən sonra Sadovskini xüsusi bir şivə ilə tanıtdı: – Bu cənab əlahəzrət Sadovskidir. İkinci internasionalın Bakı nümayəndəsidir. Hökumət təbəddülatında birinci rol oynayan bu cənab, ingilislərin yardıma dəvət edilməsi işində də bolşeviklərlə birinci mübariz olmuşdur. Mən Zaqafqaziya xalqı üçün yeni həyat quran bu cənabı cənab miralaya təqdim etməklə özümü bəxtiyar hesab edirəm. Leyla xanımın bu sözlərində Sadovski özünü məğrur tutdu. Hətta o, ingilis miralayına necə əl uzatdığını və nə dediyini də bilmədi. Leyla xanım hökumət üzvlərini bir-bir təqdim edir, onlara yaraşmayan bəzəkli və nəşəli sözlər söyləyir, tərif edirdi. Hökumət üzvləri Tiq-Çonson, Leyla xanım və Ester yanlarındakı adamlarla körpüdən çıxaraq hazırlanmış mənzillərə getdilər. Ayollo getməmişdi. O, durub gözləyirdi. Onun fikrincə üç yüz minlik İngiltərə ordusunun qabaq dəstələrini gətirən gəmilər Limana girəndə liman yeni bir şəhər kimi görünəcəkdir. Lakin bu bir xəyal olaraq qaldı. Menşevik arzuları hər yerdə olduğu kimi burada da sabun köpüyü kimi uçub getdi. Limana «Kursk» gəmisindən başqa gələn olmadı. O, küçəyə çıxaraq tamaşaya gələn camaatın arasına girdi və gözlərini qapıya dikdi. Körpünün küçəyə doğru böyük qapıları açıldı. 1-ci növbədə Kent alayının bir bölük saldatı gözə çox görünmək üçün qapıdan eşiyə çıxıb iki-iki düzüldü. Sonra Stafford alayının 200 nəfərlik dəstəsi də çıxaraq iki-iki durdular. Daha sonra, kral səhra topxanasından gətirilən bir neçə yüngül topu küçəyə çıxartdılar. Onun dalınca yeddi kiçik yük maşını göründü. Bunlardan ikisinə yalnız patron və başqa hərbi ləvazimat yüklənmişdi. Sonra «pulemyotçu meymunları» qucağında tutan dörd nəfər ingilis saldatı çıxdı. Saldatlar Ayollonun yanından keçərkən meymunlardan biri Ayollonun üzünə baxaraq ucadan mırıldadı və dişini ağartdı. Saldatlar isə bu vəziyyətə gülüb keçdilər. Sonra bir neçə yaşlı at və otuza qədər İraq qatırı küçəyə buraxıldı. Ayollo hələ düşünürdü. O qəlbində: «Hələ bu deyil, dalısı var» deyə ümid bəsləyirdi. Ayollonun xəyalında bütün Abşeron yarımadasını dolduran yüz minlərcə «nicat ordusu» hazırda Qafqaz-Merkuri körpüsünün kiçik meydançasını da doldura bilmirdi. Şiddətli şimal küləyi əsirdi. Küləklər Ayollonun saçlarını pozduğu kimi ordunun azlığı da onun ürəyindəki ümidləri darmadağın edirdi. O, xəcalətindənmi, acığındanmı tərləmişdi. Şimal ruzigarı Stafford batalyonu ilə gələn şotlandiyalı saldatların ətəyini nicat üçün gələn mələklərin qanadları kimi oynatdığı zaman, Ayollo yerində quruyub qalmışdı. Ayollo indi daha başqa cürə düşünür və qulaqlarında da başqa səs eşidirdi. O özünü Bakı Sovetinin 26 iyul tarixli iclasında hiss edirdi. Sanki Şaumyan xitabət kürsüsündən üzünü ona tutaraq deyirdi: «Sovet hökuməti bizə çoxlu ləvazimat göndərir. Bu gün Astraxandan beş barj ləvazimat gələcəkdir. Göndərilən ləvazimat 80 top, 160 pulemyot, 10000 tüfəng, 2000000 patron, bir çox paltar və sair şeylərdən ibarətdir». Ayollo özünə gəldi. Bu səsin bir xatirə olduğunu anlayıb dedi: – Eybi yoxdur, nə olur-olsun, təki bolşeviklər olmasın! Bizə də bu lazım idi. Bir saat bundan əvvəl, yüzlərlə kəmilərdən Bakıya yüz minlərcə nəcib ingilis tökən gözlüklü qoca menşevik durub düşünürdü, sanki onun da qulağında bir səs çinkildəyərək deyirdi: «Dörd yüz qoşun, yeddi yük maşını, üç-dörd samovar trubası, üç dənə də kiçik Hindistan meymunu». Bu səs, menşeviklərin küçə təşviqatçısı ilə mübahisəyə girişən işçinin səsi idi. Bu vaxt türklər çəbhəsindən gələn top mərmiləri şəhərin müxtəlif yerlərinə düşür, Petrovun topları isə düşmənin hücum xətlərini atəşə tuturdu. * * * XXI. Esterin romanı Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı. Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi: – Al bu pulu, – dedi, – İrana gedən paroxodlarda neçəyə olur-olsun iki nəfər üçün bilet al, yerin yaxşı-pisliyinə fikir vermə. Bu gecə mütləq yola düşməliyik! Xidmətçi pulları alıb sağ cibinə qoydu, sol cibindən iki qapalı məktub çıxarıb Araratyana verdi. Məktubların biri Esterin nişanlısı və eyni zamanda erməni batalyonunun komandanı Hamazasbdan, digəri isə Esterin sevgisi uğrunda Hamazasbla mübarizə aparan, daşnaq partiyası üzvü və çəbhə komandanı Avetisovdan idi. Araratyan, böyük mərtəbəyə çatmaq üçün istifadə etdiyi bu iki daşnaq «qəhrəmanının» məktublarını əvvəlcə açmaq belə istəmədi. Çünki məktubların tamamilə yeknəsəq və marağsız olduğunu bilirdi. Lakin daşnaq partiyasının nüfuzu gələcəkdə ona lazım olacaq idi. Əvvəlcə Hamazasbın məktubunu açdı. Başdan axıra qədər göz gəzdirdikdən sonra açıqlandı və özündən çıxdı. Hamazasb öz məktubunda bir kəlmə belə «Möhtərəm doktor!», «Mənim atam əvəzi doktor!», «Millətimizin fəxri doktor» kimi nəzakətli sözlər yazmamışdı. Məktubun əvvəli, sadəcə «doktor!» sözü ilə başlayırdı. Məktubda deyilirdi: «Doktor! Mən mərd və igid oğlanam! Məni bütün erməni və müsəlman xalqı tanıyır. Mən daşnaq partiyasını əvvəldən də tanımaq istəməzdim, çünki o partiyanın məqsədini yaxşı bilirdim. Mən heç vaxt müsəlmanlarla üz-göz olmaq istəmirdim. Mən müsəlman ailəsində böyümüşdüm, mənim böyüyüb adam içinə çıxmağıma da müsəlmanlar səbəb olmuşdur. Müsəlman qadınlarından mənə oğul deyən, qabağıma süfrə açan, üstümə yorğan salıb rahat edən, xəstəliyimdə başımın üstünü kəsib ana-bacı məhəbbəti göstərən qadınlar çox idi. Qarabağda mən müsəlman kəndlərinə gedəndə, kəndin cavanları «Hamazasb gəlir» deyə qabağıma qurban çıxarardılar; azərbaycanlıların yasında ağlar, toyunda oynardım, mən Azərbaycan qızlarına kəbin kəsildiyi vaxt dəfələrlə oğlan və qız vəkili olmuşam. Mənim keçmişdə erməni xalqı arasındakı hörmətim də sənə məlumdur. Mən heç vaxt ikiüzlülük etməzdim. İkiüzlü adamları da sevməzdim. Mən namuslu və dinc adamlarla oturub dururdum. Mən səninlə tanış olmazdan qabaq öz sənətimlə yaşar və əlimin əməyi ilə dolanardım. Evimə yüzlərcə qonaq gələrdi. Lakin mən səninlə tanış olduqdan və daşnaq partiyasına daxil olduqdan sonra hər şeyi itirdim. Mən sənin üçün öz əlimi qana batırdım. Daşnaqlara qoşulub hər iki millətin dostluq və rahatlığını pozmağa çalışdım. Çünki bunu, sən tapşırmışdın. Nəhayət, mən ana-bacı hörməti gördüyüm Azərbaycan qadınlarının evini qarət etdim. Qarşıma süfrə açan qızları bir parça çörəyə möhtac qoydum, xəstəliyimdə başım üstündə oturanların başını kəsdim, qarşıma qurban çıxaran kəndlilərin sürüsünü taladım, oğullarını kəsdim və kəndlərini yandırdım. Namuslu və dinc ermənilərin də rahatlığını pozdum, daşnaqlara qoşularaq milli müharibələrə yol açdım. İki millətin bir-birinə silah qaldırmasına, bir-birini məhv etməsinə səbəb oldum. Nəticədə hər iki millətin nifrətini qazandım. Mən yaxşı bilirəm ki, erməni işçi-kəndliləri nə məni, nə də mən arxalandığım daşnaq partiyasını sevmir, mənim heç bir şeyim qalmamışdır, ancaq sənin qızına bəslədiyim bir məhəbbətim var idi, lakin bundan da məhrum oldum, çünki sənin ikiüzlü siyasətin məni o məhəbbətdən məhrum etdi. Axırda sənin evindən də ayağımı çəkdim. Erməni milli soveti təşkil olunanda, mən sənin namizədliyini öz mauzerim gücünə keçirtdim. O vaxt sən məni «oğlum» deyə gündə yüz dəfə əzizləyirdin. Sən hər yerdə: «Mənim iki övladım vardır, birisi Ester, digəri də Hamazasbdır» – deyirdin və onunla iftixar edirdin. Qızın da məni sevirdi. Hətta o, mənimlə qol-qola gəzəndə fəxr edirdin. Çünki qolumun dönməz bir qol olduğunu bilirdin. İngilislərlə müzakirə aparmaq üçün adam göndərmək lazım olanda yenə də sənin namizədliyini mən qoydum və keçirtdim. Sənin kimi adi bir doktorun Britaniya missiyası ilə tanış olmasına mən səbəb oldum. Mən indi bildim ki, sən öz yüksəlməyin üçün qızını əlində alət etmişsən. Sən oğulluğa qəbul etmək və qız böyüdükdən sonra xeyir işi bitirmək vədəsi ilə məndən istifadə etdin. İndi də onu Avetisova verir, ondan istifadə edirsən. Əcəba, mənim xidmətlərimə mükafat verilmiş qızı, indi hansı xidmətlər üçün Avetisova mükafat verirsən?! Lakin onu bilməlisən ki, Avetisov çəbhə komandanı olmaqla yüksək rütbə tutmasına baxmayaraq məndən və Qazarovdan asılıdır. Bizim nüfuzumuz olmasa, başıpozuq daşnaq saldatları onun qapışını boğazına keçirərlər. Çox gözəl bilirəm ki, sənin qızın namuslu bir qızdır. O, satılmağa heç bir zaman razı olmaz. Sən onu məcbur etməsəydin o, heç vaxt Avetisov kimi namussuz adamların qoluna girməzdi. Mən bilirdim ki, sənin qızın məni sevməsə də mənə hörmət bəsləyir. İndi isə o mənə əlini uzatmır və məni görərkən üzünü kənara çevirir. Görək bundan sonra qızı kimə satacaqsan. Çünki indi nə məndən, nə də Avetisovdan istifadə edə biləcəksən. Hamazasb Bakı, 4 avqust». Araratyan bu məktubu oxuduğu zaman Ester də sakit durub baxırdı. O, məktubun məzmununu, yenə də atasının mimikasından, alnındakı cizgilərdən, boyun damarlarının şişməsindən anlayırdı. Araratyan dilləndi: – Yaxam bir cüt namussuzun əlində qalmadımı?! – Bunu deyib məktubu cibinə qoydu, sonra Avetisovun məktubunu açdı. «Möhtərəm doktor! Bolşeviklər milli partiya üçün böyük bir təhlükə idi. Şükür ki, biz başqalarına güzəştə getdiksə də, bolşevizmin Zaqafqaziya siyasət səhnəsindən silinməsinə nail olduq. Buna görə də qırx ildən bəri yaşayan bu partiyanın daha bir çox illər davamına ümid edə bilərsiniz. Bunları nəzərə alaraq siz, mənim daşnaqsütyun partiyası üçün nə qədər xeyirli olduğumu təyin etməlisiniz. Siz heç bir zaman Hamazasb kimiləri mənə tərcih verməməlisiniz, çünki onun üzü qaradır. Daşnaq partiyasının üzvü olmağına baxmayaraq onun daşnaqlar içərisində etibar və nüfuzu yoxdur. Siz onun mauzerindən qorxmayın və qızınızı bədbəxt etməyin! Siz ki, məni 1906-cı ildən tanıyırsınız. O zaman ki, siz Qarabağda məğlub olmuşdunuz, onda ki, siz öz aciz və dəyərsiz siyasətiniz nəticəsində bütün daşnaqların nifrətini qazanmamışdınız, mənə müraciətlə yardım istəmədinizmi? O zaman Hamazasb sizə nə yardım etdi?! Heç! Yenə də heç! Çünki əlindən bir iş gəlməzdi. O ancaq tək-tək adam öldürməyi bacarardı. Mən sizi diriltmək, nüfuzunu qaldırmaqdan ötrü general Qoloşşapovu yenidən Qarabağa gətirmək üçün şəxsən Tiflisə getdim. Vorontsov-Daşkovun xanımı ilə görüşdüm, Tiflisdə müsəlman vəkillərinin gözünə torpaq atıb Qoloşşapovun Qarabağa təyin edilməsi üçün onlardan razılıq kağızı aldım. Siz özünüz bilmirsinizmi ki, cənab Vorontsov-Daşkovun müavini general Malamanın istintaq üçün Qarabağa gəlməsinə mən səbəb oldum?! Siz bilmirsiniz ki, general qubernator Alftanın və miralay müavini Vevronun, qəza naçalniki Frelixin Qarabağdan götürülməsinə mən səbəb oldum? Bunların hamısını sizin nüfuzunuzu qaldırmaq, sizi partiya rəhbərliyində saxlamaq üçün etmişəm. Mənim bu xidmətlərimi nəzərə alaraq bir kərə «razıyam» deməyinizi rica edirəm. O zaman həm mən, həm də sizin anasız qızınız xoşbəxt olar. Cavab gözləyirəm. Avetisov 4 avqust, 1918-ci il». Araratyan bu məktubu da oxuduqdan sonra Esterin saçlarını sığallayaraq soruşdu: – Sən bu iki həyasızın hansını sevirsən?! – Mən onların heç birini görmək istəmirəm. – Mən də bunu sənə əmr edirəm. Onlarla daha görüşməyəcəksən. İndi onların heç bir nüfuzu yoxdur. Biz onlardan gözlədiyimiz xeyri ingilislərdən də görə bilərik. Onların əhəmiyyəti ingilislər Bakıya gələnə qədər idi. Bu günün özündə mən istəsəm, onların hər ikisini Bakıdan sürgün etdirərəm. Bolşevikləri Bakıdan təmizləməyə qadir olan daşnaq partiyası iki nəfər eqoistin öhdəsindən də gələ bilər. Namussuzlar! Alçaqlar! Şəhər türk topları ilə dağıldığı və qəddar düşmənimiz şəhərə girməyə tələsdiyi bir zamanda, bu alçaqlar da evlənmək, sevgi xəyalındadırlar. Araratyan evi bir qədər dolaşdıqdan sonra Estərə müraciətlə: – Hazır ol, İrana gedəcəyik, – dedi. Ester cavab verdi: – Mənim İranda nə işim var? Araratyan əlini onun çiyninə qoyaraq dedi: – Səni burada tək qoya bilmərəm. Mən o alçaqların tərəfindən əmin deyiləm. İkinci bir qorxu da türklərin Bakıya girməsi ehtimalıdır. Özün bilirsən ki, onlar Bakıya girdikdə ən əvvəl daşnaq rəhbərlərini tapacaqlar. Sən təksən, burada heç kəsin yoxdur. Mən də İrana getməyə məcburam. Gedib onlarla danışmaq və Bakını müdafiə üçün lazımi qüvvə tələb etmək lazımdır. Biləks, bolşeviklərin dedikləri doğru çıxacaq, yenə də onların nüfuzu işçi və kəndlilər arasında artmağa başlayacaqdır. Üçüncüsü də həyat get-gedə dəyişir, Bakı mədəni bir dövrə keçməkdədir. Sən gərək hamıdan əvvəl mədəni ingilislərlə tanış olasan. Qapı vuruldu. Ester qapıya getdi, qayıdıb hökumət üzvlərinin gəldiyini xəbər verdi. Araratyan özünü itirdi. Nə edəcəyini bilmədi. Çünki onların yenə də tənqid və danlaq üçün gəldiklərini bilirdi. Elçiyan bolşevik həbsxanasından azad olunmuş İvanov, Ayollo, Sadovski, Nəccarov, Velonts və sairələr içəri daxil oldular. Sadovski dərhal Araratyana hücum edərək: – Bu nə işdir?! – dedi. – Hanı sən dediyin ordu? İndi biz xalqa nə cavab verəcəyik?! Sadovski hələ sözünü bitirmədən Ayollo əllərini belinə vurub soruşdu: – Sən özün dünya görmüş və təcrübəli bir adam ola-ola iki dəfə İrana getdin və bunlarda nə qədər qüvvə olduğunu bilmədinmi? Bunları tanımadınmı? Beş-altı avtomobil, bir ovuc saldat, bu nə deməkdir?! Hər kəs nə danışırsa, Araratyan da gözünü onun ağzına dikib, kirpik çalmadan baxırdı. Danlaq və tənqid bir saatdan artıq davam etdi. Nəhayət, Araratyan fürsət əldə edərək dedi: – Onlar az olsalar da, nüfuzları çoxdur. Böyük Britaniya imperatorluğuna qarşı bu qədər ümidsizlik və etinasızlıq yaramaz. Sizin bu danışıqlarınız ingilislərin qulağına çatsa onlar sizin hökumətinizi təsdiq etməzlər. Bir də türklər ingilislərin Bakıda olduğunu bilsələr, hücumu dayandırarlar. Qoşunları az olsa da, ingilisin adı böyükdür! Gördünüz ki, ingilislər Bakı limanından sahilə çıxan kimi türklərin bombardmanı yavaşıdı? Bunu inkar edə bilərsinizmi? Onların az qoşun gətirməsindən mən özüm də razı deyiləm. Mən bu barədə fikrinizə şərikəm, çünki mən ingilislərlə belə danışmışdım. Buna görə də mən onlarla görüşməli və məsələni aydın etməliyəm... Araratyan söhbətini bitirməmiş, xidmətçi daxil olub onun qarşısına iki gəmi bileti qoydu. – Bilet tapmaq çətindir. Güc ilə almışam, ancaq biletlərin yeri müəyyən deyil. Hər kəs vaxt ikən gedib, özünə yer tutmalıdır. Xidmətçi bu sözləri deyərkən, hökumət üzvləri və daşnaq rəhbərlərinin hamısı boğazını uzatmış və gözlərini biletlərə dikmişdilər. Ayollo gözünü qıyaraq: – Qaçıb yaxanı qurtarmaq istəyirsənsə, bunu bizə də deməlisən. Bəlkə də bizim bilmədiyimiz bir qorxu var. Gizlətməyin nə mənası var? Öz əməkdaşlarınızla açıq danışa bilməzsinizmi? Elçiyanın gözlərindən şübhə yağırdı. O, gəlib Araratyanın qarşısında durdu və dedi: – Siz ingilislərin şəhəri müdafiə edə bilməyəcəyini və türklərin yaxında şəhərə girəcəyini bilirsiniz və ona görə də qaçıb yaxanızı qurtarmaq istəyirsinizsə bu barədə birlikdə danışa bilmərikmi? Çox gözəl, birlikdə oturub başımızın çarəsini düşünmək olmazmı? Sadovski dedi: – Mən qəti surətdə bu sözlərə etiraz edirəm? Bizim buradan qaçmağımızla şəhərə küy düşər. Bizə nə olmuşdur? Allaha şükür, türklərin hücumu dayanır; bu hücumu dayandırmağı biz bacarmasaq da, bəxtimizdən başqa bir qüvvə türkləri Bakı çəbhəsindən qaytardı. İngilislər də gəlmişlər, görək axırımız necə olacaq. Məhv olsaq da, bolşeviklərlə hesablaşmalıyıq. Hələ onlar Bakıdadır. İngilislərlə danışmalıyıq; onları həbs etmək lazımsa həbs etməli, sürgün etməlisə sürgün etməli, yaxud bizimlə və ingilislərlə əməkdaşlığa razıdırlarsa buyurub qalsınlar. Ayollo dedi: – Onları Bakıda həbs etmək olmaz; Petrovun dəstəsi imkan verməz. O ki qaldı cənab doktorun İrana getmək məsələsinə, doğrudan da ingilis generalı ilə danışmaq üçün gedirsə, onu təbrik etmək lazımdır. Lakin mən buna inana bilmirəm. Araratyan dilləndi: – Məsləkimə and olsun ki, yalnız Bakını müdafiə işi və Mərkəzi Kaspi Diktaturasını möhkəmlətmək üçün İrana gedirəm. Razılıq oldu. Araratyana lazımi tapşırıqlar verildi. Araratyan hazırlığa başladığı və hökumət üzvləri ilə vidalaşdığı zaman, Ester də hazırlaşmaq üçün öz otağına çəkildi. Bakı Komitəsi nümayəndələri ilə birlikdə çağırılmış iclasda, gələcək xətti-hərəkətin təyini, Mərkəzi Kaspi Diktaturası və ingilis işğalçılarının əlində olan Bakıda necə işləmək və Rusiya ilə əlaqə saxlamaq məsələsi yenicə həll edilmişdi. Vahan, Heydər, Raya və Əminə, birlikdə iclasdan evə qayıdarkən Esterdən Vahana təcili məktub gətirdilər. Vahan evə çatdıqdan sonra məktubu oxudu. «Əziz dostum və uşaqlıq yoldaşım Vahan! Bu məktubu çox tələsik yazdım. Bu saatda biz İrana gedirik. Atamın vəziyyəti çox ağırdır. İngilislər Bakıya az qüvvə gətirdiyi üçün Mərkəzi Kaspi Diktaturası üzvləri atamı çox sıxışdırdılar. Bu barədə ingilislərlə danışmaq üçün atam Ənzəliyə gedir. Məni də özü ilə aparır, burada qoymaq istəmir. Vahan, bu gün atam, Hamazasbdan və Avetisovdan məktub almışdı. Oxuyub açıqlandı, ancaq nə yazdıqlarını bilmədim. O, mənə tapşırdı ki, «bir də Hamazasb və Avetisovla danışma». Mən onun məqsədini bilirəm. İndi məni ingilis zabitləri ilə tanış etmək istəyir. Lakin o, buna nail ola bilməyəcəkdir. Vahan, bir saat bundan əvvəl Mərkəzi Kaspi Diktaturası üzvləri və daşnaqsütyun partiyası nümayəndələri atamla görüşə gəlmişdilər. Söhbətlərindən belə görünür ki, onlar ingilislərlə müşavirə edəndən sonra Bakı bolşeviklərinin məsələsini həll edəcəklər. Onların həbs və sürgün edilməsi haqqında söhbəti özüm eşitdim. Vahan, sən lazımi yerinə xəbər ver! Ayıq olsunlar! Onların üstündə gözətçi qoymuşlar, onları izləyirlər. Vahan, məndən nigaran qalma! Özün bilirsən ki, mən ağılsız qız deyiləm. Mənim dilimdən Raya bacıma salam yetir. Onu görmək üçün ürəyim nanə yarpağı kimi əsir. Bir gecə olmur ki, mən onu yuxuda görməyim, ona xəbər ver ki, Leyla onun məktubunu Tiq-Çonsona verdi, o çox məyus oldu. Leylanın hökmü yeriyir. Nə bilirsə edir. Bir əli türklərin, bir əli də ingilislərin ətəyindədir. Raya bacı icazə versəydi, mən Leylanın məsələsini açıb həm daşnaqlara, həm də ingilislərə xəbər verərdim. Hələlik salamat qal! Bir həftədən sonra yenə qayıdacağam! Ester. Bakı, 4 avqust, 1918-ci il». Vahan məktubu oxuyub qurtardığı vaxt, gecə saat on bir idi. Vahan məktubu Rayaya verdi: – Oxu, gör nə yazır, mən şəhərə getməliyəm. Onu görmək lazımdır. O ayağa qalxdı. Raya onu dayandıraraq: – Vahan, zənnimcə belə bir zamanda şəhərə getmək qorxuludur, – dedi, – bilirsən ki, Bakı qarışıqlıqdır. Heydər də ayağa qalxdı və dedi: – Bilirəm ki, Vahanı yolundan qaytarmaq mümkün olmayacaqdır. Mən də gedirəm. Keçəni şəhərdə, anamın yanında qalarıq. Səhər mədənə qayıdarıq. Qorxmayın, heç şey olmaz! Onlar şəhərə gəlmək üçün Balaxanı–Sabunçu dəmiryol stansiyasına yollandılar. Onlar sahildə, körpü qarşısında dayanarkən gecə saat birin yarısı idi. Onlar kassa qabağında bilet üçün dalaşanları, faytona oturanları, şeylərini götürüb körpüyə gələnləri, çamadanlarının yanında dayanıb qarovul çəkənləri, o tərəf-bu tərəfə qaçanları nə qədər gözdən keçirtdilərsə və aradılarsa nə Araratyanı, nə də Esteri görmədilər. Axırda qət etdilər: – Hər yerdə olsalar, gəlib qapıdan içəri girməyə məcburdurlar, – deyib qapı ağzında dayandılar. ...Qəbiristan tərəfdən başlanmış hücum yenicə dayanmışdı. Bolşeviklərə xain çıxanlardan çoxu, hücumun dayanmasına və ingilislərin gəlməsinə baxmayaraq, yenə də çamadanını və qiymətli şeylərini götürüb gəmiyə oturmaqda idilər. Gəmi bileti əllərdə çox baha qiymətə satılırdı. Gəminin qaranlıq və havasız anbarında getmək üçün erməni burjuyları hər biletə beş yüz manat qızıl pul təklif edirdilər. Lakin yenə də bilet tapmaq mümkün deyildi. Cibkirlər, çamadan qaçıranlar böyük «fəaliyyət» göstərirdi: «Xozeyin, şeylərini götürüm?» deyə özünü hambal kimi göstərən oğrular yüzlərcə qaçqınların şeyini, çamadanını götürüb qaçırdılar. Şey itirənlərin, bilet axtaranların, yoldaşının dalınca yüyürənlərin qışqırığından qulaq tutulurdu. Körpüdə minlərcə insanlar biri-digərini sıxışdırıb irəli keçməyə can atırdı. Körpü üstü, məğlub olmuş bir ordunun qərargahı şəklini almışdı, hər kəs qaçır, qışqırır, adamlar bir-birini yıxıb ötürdü. Qadınlar, qızlar, uşaqların qışqırığı qoyun-quzu sürüsünü xatırladırdı. Gecə tünd qaranlıqdı. Göydə heç nə görünmürdü. Ayın üzü də aypara nişanlı sultan bayrağı kölgəsində gələn, süngüsünü Bakı proletariatının köksünə taxmaq istəyən və nəticədə yüzlərcə türk kəndlisini qurban verib çəkilən Mürsəl və Nuri paşanın vicdanı kimi qaralmışdı. Şiddətli külək əsirdi, şimal-qərbdən şəhərə hücum edən küləklər, Bakı təpələrində partlayan top güllələrinin tüstüsünü şəhərə gətirirdi. Bu tüstülərə, top güllələri altında havaya uçan və məzarlardan sovrulan əski sümüklərin qəliz dumanları da qarışmışdı. Türk ordusunun başçıları, Bakı qəbiristanındakı sümüklərin yerində, Türkiyə kəndlisinin meyitlərini basdırır və ölənlərin silahını, ciblərini soyub ötürdülər. Vahan körpü qarşısında erməni burjuylarının çaxnaşmasını görəndə özü-özünə: «Məlunlar! – dedi. – Siz həmişə beləsiniz! Siz daima öz mənfəətiniz üçün kütlələrdən istifadə edir və yaman gündə isə düşmən qabağında qoyub qaçarsınız; varlısınız, quduz canavarsınız. Eyni zamanda dovşandan da qorxaqsınız. Siz yüz minlərcə insanların edamına soyuqqanlılıqla baxır, öz ayağınıza tikan batmağa razı olmursunuz». Ester və Araratyan faytondan düşdü, atası Estərə müraciətlə dedi: – Sən otur şeyləri gözlə, mən tanış xidmətçilərdən tapım. Yoxsa bir gəmidə yerləşə bilmərik. Qapıdan içəri girmək də mümkün deyildi. Ester səkidə qoyulmuş şeylərin qarovulunu çəkir və düşünürdü. Ətraf qaranlıq idi. Nə Ester Vahanı, nə də Vahan Esteri görürdü. Ester qaçanları, onların hansı sinfə, hansı təbəqəyə mənsub olduqlarını yoxlayırdı. Nəhayət, onun özü də ixtiyarsız dedi: – Qaçanların hamısı varlılar və atam kimi qatillərdir. Hazırkı qanlı hadisələrdə bunların hamısı iştirak etmişlər. Atamın həmməsləkləri yoxsulların fəlakətinə çalışanlardır. Bunlar yalnız bolşeviklərin deyil, bütün Bakının məhvinə səy edənlərdir. Bunlar Vahan deyənlərdir, bunlar əziz dostumun canavar adlandırdığı varlılardır. Bunlar erməni xalqını «çar siyasətinə qurban edən daşnaq rəhbərləridir». Qaranlıq olsa da Ester xəyalən ətrafı gəzir və Vahanı arayırdı. Onun qulağına belə bir səs gəldi: – Ester salamat get, yaxşı yol, uğurlar olsun! Ester bu səsin xaricdən yox, öz qəlbinin dərinliyindən gəldiyini hiss edərək diksindi. Dərhal keçmişi xatırladı. Uşaqlığın azad və məsud günləri bir anda gəlib Esterin nəzərindən keçdi. Bütün uşaqlıqda gördüyü təbiət, orman kölgəlikləri, çayların, quşların, ruzigarın səsi, gəzinti saatları Esterin nəzərində canlandı. O, Vahanın səsini xatırladı. O, bu səsi ilk dəfə 6-cı ildə Qarabağın sehirkar təbiətində yaşadığı və Qar-qar çayının sahilində ayaqlarını suya salıb oturduğu zaman eşitmişdi. Ester bir an üçün Qarabağda keçirdiyi uşaqlıq günlərinə qayıtdı. O günləri xatırladı: 1905-ci il iyul ayının 3-də doktor Araratyan öz ailəsilə görüşmək üçün Bakıdan Qarabağa yola düşmüşdü. O, Bakıdan çıxmazdan əvvəl öz qadını Sofiya xanımın adına belə bir teleqram göndərmişdi. «1905-ci il, 3 iyun. Qarabağ. Yeddisində yola düşürəm. Sizi yaylağa köçürmək üçün gəlirəm. Araratyan. Doktor Araratyan Qarabağa gələndən iki gün sonra, evdə böyük hazırlıq var idi, bu gün general qubernator Baranovski Bakıdan gəlmiş daşnaqsütyun partiyası başçılarından cənab Araratyan ilə və eyni zamanda Qarabağın erməni nücəbası ilə tanış olacaq idi. Cənab qubernator doktor Araratyanla tanış olduqdan sonra doktor qonaqları da bir-bir qubernatora təqdim etdi. Qonaqlar, Maşuriyans, Atabəyov, Doluxanov, Hamazasb, Çartazar, Aşot, «Çikaduz» sakini Bəylərbəy, «Mavas»lı Sançanbəy, zəngəzurlu cənab Sako, Sokrat və sairələri idi. Bir az sonra başqa qonaqlar Aslan bəy və Məlik-Şahnəzarov da gəldi. Hələ süfrəyə oturmamışdılar. Çünki cənab İşxanov və Ağabəy, pristav Davidov və sairləri hələ gəlməmişdi. Axşam saat beşdə, siyahı üzrə dəvət edilənlərin hamısı süfrə başına toplanmışdı. Süfrə başında çox az danışdılar. Buna baxmayaraq Qarabağ, Qaryakin və Cəbrayıl uyezdində baş verən hadisələrdən anlaşıldı ki, doktor Araratyan qubernator Baranovskinin tələblərini yerinə yetirmişdir. Ziyafətdən iki gün keçmişdi. Doktor Araratyanın ailəsi (10 yaşlı qızı Ester və qadını), ev xidmətçisi Varsenik xalanın müşayiətilə Şuşadan çıxıb Qar-qar çayı kənarındakı erməni kəndlərinə göndərildi. Həmin bu gündə qubernator Baranovski müsəlman nücəba və ağsaqqallarını yanına dəvət edərək, erməni-müsəlman ixtilafı haqqında şayiələrə dair məsələləri müzakirə etmək istəyirdi. Molla Əbdürrəhim Qasımzadə, Tapdıq Talıbxanov, Həsənəli bəy Əskərxanov və sairələri cənab qubernator ilə görüşüb getdikdən sonra Ağ-oğlan monastrında dəvət edilmiş (13 avqust tarixli) birləşmiş iclasda iştirak etməli idilər. İclas, Beşinci il inqilabına hüsni-rəğbət bəsləyən və erməni xalqının azadlığını istəyən erməni inqilabçıları tərəfindən dəvət edilmişdi. İclas monastrın həyətində idi. Yuxarı başda stol ətrafında bir necə stul qoyulmuşdu. İclasda iştirak edənlər Divanəli, Veysəlli kəndliləri və sairələri idi. Bir necə dəqiqə sonra, üç nəfər naməlum adam iclasa gələrək erməni-müsəlman kəndliləri ilə salamlaşdı. Bir az sonra Baxşı adlı bir erməni ayağa qalxıb dedi: – Camaat! Sizin mahalınıza üç nəfər möhtərəm zat gəlmişdir. Onların məqsədi erməni və müsəlman kəndlilərilə danışmaqdır. Həmin məsələ üçün söz verilir təzə gələnlərə. Təzə gələn qonaqlardan biri ayağa qalxıb dedi: – Camaat, biz erməni-müsəlman xalqında bir adət var ki, hər söz başı bir məsəl gətirərik. Siz bilirsiniz ki, bütün Qafqaz xalqları, çar hökumətinin boyunduruğu altında əzilir və məhv olurdu. Hökumət hər zaman əlindən və dilindən gələni bizdən əsirgəmirdi. Bizim bütün ixtiyarımızı əlimizdən almışdı, bizi dözülməz işgəncələr altında saxlamışdı. Siz bilirsiniz ki, çar hökuməti böyük bir fildir. Bütün xalqlar, əməkçilər bu filin ayağı altında əzilir. İndi isə xalq ayılır, öz düşmənini tanıyır. Daxili inqilabi hərəkat bu filə zərbələr vurur. Yaponiya «milçəkləri» də bu filin canına daraşıb. Nəhayət can çəkişən fil, dərin bir arxa yıxılmaq üzrədir. İndi, gəlin qardaşvarı köməkləşərək, haman filin xortumunu qıraq və onu məhv edək! Ancaq bununla əsrlər boyu əsir yaşayan xalqlar səadətə çata biləcəkdir. Haydı, birliyə doğru, qardaşlar!.. Sonra ikinci natiq söz aldı. O, sadə danışdı. – Camaat! Biz çoxdan bəri Qafqazda bir qazan qaynatmaq və xalq üçün bir xörək bişirmək istəyirdik. Lakin bu da təkbaşına ermənilərin işi deyildi. Bu qazanı ocağa qoyub qaynatmaq üçün bir saçayaq lazım idi. Bu saat haman qazan hazırdır. Xörəyi bişirməyin də vaxtıdır. Lakin saçayaq yoxdur. Haman saçayağın bir ayağı gürcülər, ikincisi ermənilər, üçüncüsü də müsəlman qonşularımız olmalıdır. Biz bu barədə müsəlmanlara ümid bağlamalıyıq, müsəlmanlar da bizə inanmalıdır... Üçüncü natiq qalxdı: – Ey min illərlə mehriban qonşuluq edən nəcib müsəlmanlar! Siz eşitdiniz ki, vaxtilə Üçkilsədə ermənilərin nə qədər silahı tutuldu! Yerlərdən cavab verdilər: – Bəli, eşitmişik! – Siz eşitdiniz ki, Şuşa şəhər qəbiristanında nə qədər silah tutuldu? – Eşitmişik! – Mən sizi əmin edirəm ki, bu silahlar müsəlmanlara qarşı hazırlanmamışdı. Bu silahlar ümumi düşmənə qarşı çevriləcəkdir. Bu silahlar, sizə də, bizə də bəsdir. Gəlin bunu birlikdə və ümumi düşmənə qarşı sərf edək. Sizin düşmənləriniz başqa fikirdədir. Onlar istəyirlər ki, bu silahı hökumət əleyhinə yox, erməni-müsəlman xalqı bir-birinin əleyhinə işlətsin. Siz buna imkan verməyin! Bu bəla sizə qarşı hazırlanmaqdadır... Üçüncü natiq çox uzun danışdı, nəhayət, müsəlmanlar arasında qubernator Baranovskinin və onun həmfikri Araratyanın rolunu oynayan başçılar əvvəlki üç natiqə etiraz etdilər. Ən əvvəl molla Əbdürrəhim Qasımzadə söz aldı: – Siz ermənilər, biz müsəlmanları lazımınca tanımamısınız, bizim heç vaxt bu cür sözlərdən qorxumuz yoxdur. Biz müsəlmanlar sizin saldatlarınız da deyilik. Sizin silahınıza da ehtiyacımız yoxdur. Biz, özümüz üçün silah-filan da tapa bilərik. Bundan sonra çıxış edən Tapdıq Talıbxanov çox açıqlı danışdı: – Biz axmağıq ki, bizə yaraq verib öz padşahımıza qarşı qaldırasınız?! Bizim dinimiz, şəriətimiz buna yol verməz! İclasdakı müsəlmanlar ayağa qalxdılar. – Biz sizin fikrinizə şərik deyilik, – deyə çıxıb getmək istədilər. Natiqlərdən biri dilləndi: – Müsəlmanlar, dayanın! Bircə sözüm var! Burada danışdığımız sözlər, biz üç nəfərin fikri deyil, bir partiyanın və komitənin fikridir! 1905-ci il avqust ayının 21 idi. Doktor Araratyan Qarabağda ikinci bir faciə törətmək üçün ailəsi ilə birlikdə yaylaqda yaşayırdı. O, Qafqaz canişini Vorontsov-Daşkova yazmaq istədiyi ərizənin planını hazırlayırdı. Axşam üstü Araratyan evə gəldi. Qulluqçunu çağırıb toyuq, cücə, yumurta almaq üçün kənd içinə göndərdi. Sonra da arvadına müraciətlə: – Hazırlıq görmək lazımdır, – dedi. – Saat doqquzda yanıma adam gələcəkdir. Bəlkə bir necə saat oturmalı oldular, müxtəsər bir şam yeməyi vermək lazımdır. Hər şey öz qaydasında idi: cücələr kəsilir, qızardılır. Hadrutdan gətirilmiş şərab şüşələrə tökülür, otaqda böyük lampalar yandırılırdı. Süfrə hazırlayanlardan biri də Araratyanın gələcək damadı, həm də onun zəmanəti ilə daşnaqsütyun partiyasına girmiş Hamazasb idi. Hamazasb, Esterdən 15 yaş böyük idi. Esterin anasının Hamazasbdan xoşu gəlmirdi. Bu gecə yenə də onun sözünü danışırdılar. Sofiya Araratyana dedi: – Sən hər nə edirsən et, lakin bu haramzadanı mənim evimdən çıxart. O alçaqdır. O mənim on yaşlı qızıma indidən öz qadını kimi baxır. Araratyan açıqlanaraq: – Tərbiyə aldığına və cəmiyyət içərisinə çıxdığına baxmayaraq, yenə qanındakı kəndli avamlığı və mədəniyyətsizlik mikrobları məhv olmamışdır. Bir qız bir oğlanan deyilmi? – Buna mənim sözüm yoxdur. Lakin oğlan varsa da, hələlik qız yoxdur. Qız on yaşında bir uşaqdır. – O daima on yaşındamı qalacaqdır? O heç böyüməyəcəkdirmi? Mən bu saat onu ərə verməkmi istəyirəm? O, indidən ərə gedib sabah hamilə olsa, düşünürsənmi başına nələr gələ bilər? – Qız böyüyənə qədər zəmanəmiz yüzlərcə Hamazasbları əvəz etməyəcəkmi? – Lakin sən onu da bilməlisən ki, bu gün bizim üçün ən lazımlı adam Hamazasbdır. Çünki bütün Qarabağ, Zəngəzur, Cəbrayıl və Qaryakin qəzaları erməni kəndlərini, ancaq Hamazasbın vasitəsilə partiyaya cəlb etmək mümkündür. Hələlik daşnaqsütyun partiyası kütləvi bir partiya olmamışdır. Hamazasb kimiləri bu iş üçün lazımdır. Sofiya dedi: – Mənim sizin partiyanın kütləvi olub-olmaması ilə işim yoxdur. Mən öz qızımın sözünü danışıram. Mən səndən tələb edirəm ki, Hamazasb mənim evimdən ayağını çəksin; mən tələb edirəm ki, sən bir də mənim yanımda: «Mənim iki övladım vardır, birisi Ester, birisi də Hamazasb» deyə təkrar etməyəsən! Araratyan əlindəki qəzet ilə Sofiyanın üzündən vuraraq: – Kəs səsini! – dedi. – Bilmirəm sən bu alçaqlığı nə zaman buraxacaqsan! – Mən alçaq deyiləm, ancaq alçaq işləri və alçaq adamları görməyə gözüm yoxdur! Mən heç vaxt onun, on yaşlı qızımı qucaqlayıb öpməsinə razı ola bilməyəcəyəm! – Get gözümdən, ədəbsiz! – deyə Araratyan Sofiyanın üzünə bir şillə vurub qovdu. Qonaqlar gəlirdi, Hamazasb və ev xidmətçisi süfrə döşəyirdi. Yeməkdən əvvəl, Araratyan daşnaq rəhbərlərini kiçik bir otağa toplayaraq Qafqaz canişini Vorontsov-Daşkova yazdığı ərizənin qaralamasını oxuyurdu: «Həşəmətli Qafqaz canişini Vorontsov-Daşkov cənablarına. Biz, sizin və Qarabağ general qubernatoru cənab Baranovskinin köməyi ilə, erməni revolyusionerlərinin planlarını pozduq. Bizim ermənilər və müsəlmanlar arasında apardığımız təşviqat nəticəsində erməni-müsəlman ittifaqı baş tutmadı. Ağ-oğlan monastrında çağırılmış iclasda erməni-müsəlman ittifaqı məsələsi qoyulmuşdusa da bizim fəaliyyətimiz sayəsində Divanəli, Veysəlli kəndliləri onu tamamilə rədd etdilər. Artıq erməni-müsəlman ittifaqı məsələsi xəyal olub qaldı, çünki hər iki millət hazırda bir-birinə qarşı vuruşmağa başlamışdır. İttifaq üçün çağırılan kəndlilər indi ermənilərlə vuruşurlar. Qarabağda erməni-müsəlman davası düşdü. İğtişaş Cəbrayıl qəzasına sirayət etdi. Divanəli, Veysəlli, Qaçar, Qarabulaq, Çəmənli, Ağbulaq, Arış, Qışlaq, Məzrə və sair kəndlər bir-birini qırıb dağıdır. Lakin bu tərəflərdə müsəlman kəndləri bir-birinə yaxın olduğundan, ermənilər böyük tələfat vermişlər. Yalnız Divanəli və Veysəlli kəndlərindəki müharibədə 600 nəfər erməni ölmüşdür. Müsəlmanlar isə 50 nəfər tələfat vermişlər. Cəbrayıl və Qaryakin qəzasında aşağıda göstərilən kəndlər dağılmış və əhalisi məhv olmuşdur: Əfşar, Dudukçu, Naxolu, Ağbulaq, Xərmənçik, Dolanlar, Xoşəndam və sairələr. Biz erməni camaatının başçıları bunu demək istəyirik: General Qoloşşapov cənabları general Baranovskinin siyasətini dəyişdiyindən və hökumət qoşunu yalnız Şuşadakı ermənilərə yardım üçün saxlayıb ətraf qəzalara və kəndlərə kömək vermədiyindən yuxarıda göstərilən kəndlər məhv edilmişdir. Buna görə də mahaldakı ermənilərə hökumət qoşunu kömək verməlidir. Qarabağda baş verən hadisələrdə də ermənilər qalib çıxa bilməmişlər. Orada bizim adamlar işi çox yaxşı başladı. Avqustun səkkizində, şəhər kənarındakı Zarıslı kəndində dörd erməninin öldürülməsi xəbəri şəhərə yayıldı, mənim tapşırığım ilə Maşuriyans, Atabəyov, Doluxanov Zarıslı kəndində öldürülən ermənilər şəhərə gətirmək üçün atlandılar. Bazar içərisindən keçib «İravan qapısı» məhəlləsinə getdilər. Bu xəbərdən şəhər əhalisi küyə düşdü; müsəlmanlar məscidə, ermənilər kilsəyə toplandılar. Bir az sonra atdan yıxılıb yaralanmış bir ermənini şəhərə gətirdilər. Ermənilər bunu görüb həyəcanlandılar, erməni bazarından keçən Qara adlı bir müsəlmanı öldürdülər. Bu xəbər müsəlmanlar arasında yayılar-yayılmaz həyəcan başlandı. Şəhərdə və kəndlərdə şiddətli müharibələr gedir. Avqustun 16-dan 21-nə qədər olan vuruşmalarda, cənab canişinin bütün göstərişlərinə əməl edilmişdir. Lakin bizim bir çarəmiz də var ki, cənab Qoloşşapovun Qarabağdan geri çağırılması məsələsinə diqqət verilsin. Çünki buranın vəziyyətinə cənab Qoloşşapovdan da gözəl tanış olan bir zat yoxdur. Biz heç bir zaman general Fleşer, general Baranovski, yaxud general Aleptanın Qarabağa general-qubernator təyin edilməsinə razı ola bilməyəcəyik. General Qoloşşapovun bəzi səhvlərinə baxmayaraq, o, həm erməni, həm də müsəlman xalqının ruhunu bilir. Biz, bütün erməni xalqı adından bir daha rica edirik ki, gələcək hadisələrdə hökumət qoşununun ermənilərə tərəf durmasını təmin edəsiniz: çünki onlar cənab canişinin tələblərini yerinə yetirmək uğrunda böyük tələfat vermişlər. Xalq arasında oyatdığımız millətçilik ruhu üçün və inqilaba qarşı hərəkatın sönməsi üçün cənab canişin bizə verdiyi vədinə tamamilə vəfa etməlidir». İclas yenicə bitmişdi. Araratyan bütün daşnaq rəhbərləri tərəfindən imzalanmış ərizəni bükub portfelinə qoyduğu zaman Hamazasb həyəcanla içəri daxil oldu: – Əmi, nə oturmusunuz?! – dedi, – Durun! Bədbəxt hadisə üz vermişdir. – Nə bədbəxt hadisə?! – Sofiya xanım ölür! – Ölür?! – Bəli! Halı çox xarabdır! Ölmək üzrədir. Araratyan o qədər də tələsmədi; o, ərizəni qoyduğu portfeli sandığa qoyub bağladı. Açarı şalvarının dal cibinə salıb Sofiya xanımın otağına girdi. Doktor Araratyan, Sofiya xanımın çöhrəsinə baxan kimi: – Naçins qızı zəhər içmişdir! – dedi və ətrafa baxdı. Zəhərli stəkanı gördü və dərhal qayıdıb o biri otaqdan bir stəkan dərman gətirdi. Sofiya xanım yerində ilan kimi qıvrılırdı. Nə yalvarır, nə də danışırdı. O, qızı Esteri qucaqlayıb onun saçlarını oxşayırdı. Ester onun dodaqlarından öpmək istəsə də o geri çəkilərək mane olurdu. Doktor Araratyan əlindəki stəkanı ona təqdimlə: – Ölmək istəmirsənsə, – dedi, – bu dərmanı tez içməlisən! Sofiya gözlərini çevirib Araratyanın üzünə açıqla baxdı. Əlini uzadıb dərmanı aldı, yerə tökdü, stəkanı kənara atdı və: – Get gözümün önündən! – dedi. – Sən qatilsən. Sən öz şöhrətin üçün bütün erməni xalqını məhv edirsən! Sən minlərcə erməni və müsəlman kəndlilərinin qatilisən. Yüzlərcə kəndlinin qarət olunmasına və yandırılmasına sən fitva verdin! Araratyan və Hamazasb dayanıb heyrətlə dinləyirdilər, Sofiya xanım deyirdi: – Sən, yanında duran o alçağın vasitəsilə fağır bir erməni çobanın öldürülməsinə fitva verdin: çünki o namuslu idi; çünki o, erməni və müsəlman xalqının bir-birini qırmasına soyuqqanlılıqla baxa bilmirdi. Sənin, dağlarda dilənçi kimi həyat keçirən müsəlman çobanlarını qırdırmağına soyuqqanlı baxa bilmirdi. O gedib çobanlara xəbər vermiş, onları qaçırtmışdı. Sən ondan intiqam aldın. Hamazasbın vasitəsilə onu öldürtdün! Araratyan yüyürüb Sofiya xanımı döymək istərkən, qulluqçu qadın onun ayaqlarına yıxılıb yalvardı. Sofiya xanım yavaş-yavaş danışırdı: – Ester! Mən hər gün ölməmək üçün bir kərə ölürəm. Sən Hamazasb kimilərə həmişə düşmən olmalısan. Çünki o da, sənin atan da erməni və müsəlman xalqlarının düşmənidirlər! Bundan sonra Sofiyanın səsi kəsildi. Esterin fəryadı ucaldı: – Ana! Ana! Aç gözlərini, aç! Ana, mənim üzümə bir də bax! Məni də özünlə apar! Sofiya xanım bir daha gözünü açmadı, o daşnaq rəhbərini görmək istəməyən gözlərini əbədi olaraq qapamışdı. Kənd qadınları Esteri cənazə üstündən qaldırıb apardığı zaman Hamazasb kibrit çəkib Araratyanın papirosunu yandırırdı. Hələ Sofiya xanımın meyidi aralıqda idi. Faytonçu içəri girərək Araratyanı səslədi: – Ağa, fayton hazırdır! Doktor Araratyan ayağa qalxaraq şalvarının dal cibindən açarı çıxartdı. Sandıqdakı portfeli götürüb faytona əyləşdi. Çünki o, Yevlax stansiyasına gedib Qafqaz canişini Vorontsov-Daşkov cənablarına yazdığı məktubu Tiflisə göndərməli idi. O, Hamazasbla faytona oturdu. Meyidi kəndlilər basdırdılar. Araratyan bir gün sonra kəndə qayıtdıqda, Sofiyanın harada basdırıldığını belə soruşmadı. O, Ester yatan otağa girdi. Ester yuxuda idi. Araratyan onun başı üstündə oturub saçlarını sığallayırdı. Ester ayıldı, yenə də anasının faciəsini xatırlayaraq ağladı və Araratyanın əllərini kənara ataraq üzünü yana çevirdi. Araratyan sual verdi: – Sən kimin qızısan? Esterdən səs çıxmadı, o ancaq ağlayırdı. Araratyan bir də soruşdu: – Səndən soruşuram: sən kimin qızısan? Ester üzünü qorxa-qorxa çevirib: – Mən anamın qızı idim. İndi isə o yoxdur. – Sən mənim qızım deyilsənmi? – Yox! – Nə üçün?! – Çünki sən məni anasız qoydun. Onu sən öldürdün. – Çünki o ölməli idi. O sənin xoşbəxt olmağına razı deyildi. Bundan sonra sən mənim qızım olacaqsan. Sənə hər şey alacağam. – Mən heç bir şey istəmirəm! Ancaq anamı mənə yetir! – O bir də bura qayıtmayacaqdır. Qoy qayıtmasın, çünki o yaxşı ana deyildi. Sənə ondan da mehriban, ondan da yaxşı bir ana tapacağam, sən heç vaxt ananın sözlərini yadında saxlama, sən yaxşı qız ol, mən səni həmişə sevəcəyəm, səni özümlə bərabər hara desən aparacağam. Ester bir az düşünərək: – Mən anamdan başqa heç bir kəsi sevməyəcəyəm. Çünki məni sevən ancaq yazıq anam idi: mən səni heç vaxt sevməyəcəyəm? Çünki anamı mənim əlimdən alan sənsən! Araratyan qızarmış bir halda ayağa qalxdı və: – Sən də onun qızısan! Sənin də anan kimi bir tərəfin nanəçibdir!—deyə yorğanı onun başına çəkdi və eşiyə çıxarkən şəhərdən pristav və sudyanın gəldiyini gördü. Araratyan onları başqa otağa apardı, nahardan sonra, Sofiya xanımın ölümü haqqında belə bir protokol yazıldı: «1905-ci il, avqust ayının iyirmi birində, gecə saat birin yarısında doktor Araratyan cənablarının qadını Sofiya xanım, qaranlıqda, öz ev aptekasını açıb baş ağrısı dərmanı əvəzinə zəhər içmişdir. Sofiya xanım hələ canı çıxmamış bunu cənab doktorun özünə söyləmişdir. Hamazasb və ev qulluqçusu da bu sözləri eşitmişlər. 23 avqust, 1905-ci il». Esterin anası yenicə ölmüşdü. O, daima anasını xatırlarkən Qar-qar çayı sahilinə gəlir, anası ilə birlikdə gəzdiyi yerdə oturur, düşünür və ağlayırdı. O, axşamlar da evə çox gec qayıdardı. Bəzən onu qulluqçu qadın, bəzən də Araratyan özü tapıb evə aparardı. Ester hər gün dağları, quşlar yuva saldığı yaşıl budaqları gördükdə, çiçəklər, kəpənəklər və yaşıl yamacları nəzərdən keçirdikdə, anasının söhbətlərini xatırlayar və ağlardı. Onun səsi suların və quşların səsinə qarışardı. Kəkliklər dağda qaqqıldaşanda, qızlar meşədə odun qıran kəndli gənclərin qəlbinə məhəbbət aşılayanda, uşaqlar sular üzərində üzən ördəkləri daşlayanda, Ester anasının «nadinc uşaq» nağılını xatırlayırdı. Çamlı meşələrin qəlbindən axan sular bulaqlara, bulaqlar irmaqlara, irmaqlar isə böyük çaylara axaraq dağa-daşa səs saldığı zaman, Ester ətrafına baxaraq, zalım Araratyanın işkəncələrilə ölən anasına ağlardı. Torpağın son beşiyi sayılan incə otlar, ana qucağında nazlanan körpə kimi baxdığı ağ dumanlardan yarpaqların çöhrəsinə şəbnəm düşdüyü zaman, Esterin anasına həsrət qalmış gözlərindən şəbnəmlər axardı. Anasından yenicə ayrılmış quzuların dodaqları, yumşaq otlara dəydiyi zaman Ester də anasının dodaqlarını öz dodaqlarında hiss edərdi. Hər şey gülərkən, anasız qalan Ester, ayaqlarını Qar-qar çayına sallayıb düşünürdü. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. Bu mənzərə Esteri ucadan ağlamağa məcbur etdi. Çünki o hələ öz uşaqlıq dövrünü bitirmədən anasından ayrılmışdı. O, səs eşitdi: – Nə üçün ağlayırsan?! Ester dönüb arxasına baxdıqda, qara, qıvrım saçlı bir uşaq gördü. Onun əynində yamaqlı və göy rəngli bez köynək, ayağında köhnə çarıq vardı. O, Esterdən nə böyük, nə də kiçikdi. Ester ona baxıb durdu və gözlərinin yaşını tökdü. Oğlan bir də soruşdu: – Sən nə üçün ağlayırsan?! Meşəyə gələndə anan sənə çörək verməmişsə ağlama, gəl sənə çörək verim. Anam çörəyimin arasına şor da qoyubdur, meşə gəvəri yığmışam, gedib çay qırağından nanə də yığacağam. Ester oğlanın «anan sənə çörək verməmişdir» sözündən qəhərlənib şiddətlə ağladı və ixtiyarsız cavab verdi: – Anam yenicə ölmüşdür. Mən hər il bura anamla gəlirdim. Onunla həmin bu yerdə oturardıq. O, məni sevər, qucağına alardı, mənə cürbəcür nağıllar söylərdi. Saçlarımı bu çayın kənarında yuyub darardı. Oğlan ona təsəlli verdi və qolundan yapışıb dedi: – Sən heç ağlama. Dur gedək nanə dərək, pendir-çörəyimizi yeyək, mən də acmışam. Sonra da səni anamın yanına aparacağam. Kəndimiz bura yaxındır. Anam səni sevər. Saçlarını darar. Sənə tülkü nağılı deyər. O çox yaxşı nağıllar bilir. Dünən gecə mənə keçəlin nağılını söylədi. O qədər güldüm ki, qarnım ağrıdı. Onlar yerlərindən qalxıb nanə dərməyə getdilər. Sonra çam ağacının dibindən qaynayan sərin bulağın başında oturdular. Oğlan belindən dəstərxanı açdı, otların üstünə döşədi. Arpa çörəyini parçaladı, çoxunu Esterin, azını isə öz yanına qoydu. Dağ gəvəri və nanəni də bulağın suyunda yuyub, təmizlədi. Qayışından asdığı bıçağını çıxarıb süfrəyə qoydu və bıçağın ucu ilə arpa çörəyinin üstünə şor yaxıb yeməyə başladı. Ester də ona baxıb iştah ilə şor-çörək yedi və ömründə heç nədən almadığı ləzzəti aldı. Oğlan Esterə sual verdi: – Bəs sənin adın nədir?! – Esterdir. – Bəs burada nə üçün oturmuşdun? – Mən hər gün burada oturub anam gəzən yerlərə baxıram. – Mən də bura gələndə və sürüləri görəndə rəhmətlik atamı xatırıma salıram. – Sənin atan nə iş görərdi? – Çoban idi. – Sənin atandamı zəhər içib öldü?! Oğlan bu sözdə tikəsini süfrəyə qoydu: – Xeyr,—dedi,—anamı da yandıran budur ki, atam xəstəlikdən ölmədi. Bir gün də olsa yorğan-döşəyə düşmədi. – Bəs ona nə gəldi? Xəstəliyi nə idi? – O xəstələnmədi. Onu öldürdülər. – Müsəlmanlarmı öldürdü? – Xeyr, atamı ermənilər öldürdü. – Nə üçün? – Erməni-müsəlman bir-birini qırırdı... Vahan sözünü bitirməmiş Ester soruşdu: – Nədən ötrü? – Bilmirəm nədən ötrü. Ancaq onu bilirəm ki, erməni-müsəlman bir-birini harada görsə öldürürdü. – Bəs onda sənin atanı nə üçün ermənilər öldürdü? Ağlamaqdan Vahanın boğazı tutuldu. İki əlini birləşdirib, bulağın sərin suyundan içib danışmağa və atasının ölümünə səbəb olan hadisəni söyləməyə başladı: – İş belə idi, amma çox uzun əhvalatdır... – Eybi yoxdur, danış! Vahan başına hərəkət verərək: – İş belə idi, atam çoban idi. Bu kəndlərdə «Arustam yaxşı adamdır» deyə hər kəs təriflərdi. O, günün birində sürüsünü Əskərandan keçirdiyi zaman bir dəstə silahlı xumbların oturduğunu görür. Ester soruşdu: – Xumblar kimdir? Nəçidirlər? – Onların peşəsi adam öldürməkdir, həmişə də bellərində uzun tapança gəzdirərdilər. – Çox yaxşı, danış. – Bəli, atam sürüsünü oradan keçirəndə xumbların birisi gəlib ondan soruşur ki, «Arustam, doğrusunu de görüm müsəlman çobanları hansı yol ilə gələcəklər?» Atam cavab verir ki, haman bu yol ilə gələcəklər. Atam anlayırdı ki, xumbların fikri çobanları öldürməkdir. Haman saat sürünü yatırdıb, başqa bir kəsmə yoldan qaçır, müsəlman çobanlarına xəbər verir ki, xumblar yolu kəsiblər. Beləliklə, müsəlman çobanları qaçıb ölümdən qurtarırlar. Xumblar bu işi biləndən bir gün sonra, evdə yatmışdım, anamın çığırtısına yuxudan ayıldım. Bir də gördüm ki, atamı vurublar, başı anamın dizi üstündə can verir. Mən özümü atamın üstünə saldım. O məni bircə kərə öpdü, ancaq heç bir söz demədi. Ester bu faciəni eşidib yenə ağladı və soruşdu: – Bəs sənin adın nədir?! – Mənim adıma bu kənddə Vahan deyərlər. Məni hər kəsdən soruşsan tanıyar və deyər ki, Vahana əvəz oğlan yoxdur. Amma heyif ki, məni dərsə qoyan yoxdur. Kənd məktəbində oxuyuram. Ondan nə çıxacaqdır? Kənd məktəbindən çıxanların hansı birisi adam olub adamlara qoşulmuşdur ki?.. – Dərs oxumaq nəyə gərəkdir? Atam da məni zor ilə, danlaya-danlaya məktəbə göndərir. Amma getməyə ayağım gəlmir, çünki ordakılar xoşuma gəlmir. Vahan ona cavab verərək dedi: – Mən də eləyəm, məktəbdəkilərə qoşulmaq belə istəmirəm. Onlar çox tərbiyəsizdirlər. Adama çəkmələrini, arxalıqlarını, buxara papaqlarını göstərir, adama gülürlər. – Sən çox yaxşı oğlana bənzəyirsən. Mən də ki, yaxşı oğlanları sevirəm. İkimizin də xasiyyəti birdir. Mən dinc qızam, sən də dinc oğlansan. Amma heyif ki, 15 gündən sonra şəhərə gedəcəyəm. – Elə isə salamat get, yaxşı yol! – Sən də Bakıya gəlsəydin çox yaxşı olardı. Bakı çox böyük şəhərdir. Sənə bir çox qəribə yerlər göstərərdim. Ata minib gəzərdik. Yellənçəyə oturub uçunardıq. Bakının bir eybi var ki, nə çayı var, nə meşəsi. Qoşulub oynamalı uşaqlar da yoxdur. Adamın başından papağını götürüb qaçırlar. – Elə, anam da Bakıya köçüb getmək istəyir. Orada yeznəm və bacım var. – Bakıda nə iş görürlər? – Mədəndə işləyirlər. Amma mən bilmirəm ki, bu paltarda Bakıya gəlsəm, məni şəhərə buraxarlar ya yox? – Nə üçün də qoymasınlar? Sən çox təmiz oğlansan. Xasiyyətin də yaxşıdır. – Bilirsən mən Bakıya necə gələcəyəm? – Bilmirəm! – İki quzu alıb bəsləyəcəyəm. Elə ki, böyüdü qoyun oldu, satıb yol pulu edəcəyəm. Anamı da götürüb Bakıya gələcəyəm. – O çox uzun çəkməzmi? – Uzun çəkdi-çəkmədi, əlacımız nədir? Axşama az qalırdı. Araratyanın xidmətçisi yenə də adəti üzrə Esteri axtarıb meşədə tapdı. Ester Vahandan ayrıldığı zaman dedi: – Yadından çıxmasın. Sabah bu çayın kənarında olarsan. – Salamat get, yaxşı yol!.. Bu sözlər illərdən bəri Esterin qulağında səslənirdi. O hər il yaylağa gəldiyi zaman vaxtını Vahan ilə keçirir və ayrılarkən «salamat qal» sözünü eşidirdi. Ester son dəfə eşidirkən, bu səsin Vahandan yox, özünün qəlbindən gəldiyini zənn etdi. Lakin dönüb ətrafına baxdıqda Vahanı öz yanında gördü. Şiddətli küləklər yenə davam edirdi. Gözlər bir-birinə dikilir, çırpınan qəlblər qovuşur, titrək dodaqlar da bir-birinə yapışıb qalmışdı. Qara saçlar külək təsiri ilə bir-birinə qarışmışdı. Ester ancaq bu sözləri deyə bildi: – Vahan, üç-dörd günə qayıdacağam. Sən inananlara inanıram. Sənin məsləkini sevirəm. Vahan: – Ester, ev tapmışam, anam da gəlmişdir,—deyərək onun əlini sıxdı. Ester Vahana sual verdi: – Yanında duran oğlan kimdir? – Bu mənim yoldaşımdır.—Vahan bunu deyib Esteri Heydərlə tanış elədi. * * * XXII. Generalın yanında Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu. Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə: – Sən hələ bu nəcib milləti tanımırsan,—dedi.—Sən hələ İngiltərə əzəmətini yaxşı bilmirsən. Əbəs yerə mən bir millətin şanına yaraşmayan bəzi uyğunsuz məsələləri qaldırmaq istəyirdim. İndi mən ümid edirəm ki, Bakıya qayıdanda başım uca olacaqdır. Bakıda ingilis qoşununun qarınca kimi qaynaşdığını görəcəyəm. Yaxşı oldu ki, mən gəmidə düşündüklərimi generala demədim. Desəm general bizdən inciyərdi. Araratyan indi artıq gəmidə düşündüklərindən qorxur və titrəyirdi. Bu qorxu onu təbii halından çıxarmışdı. O, özünü generalın hüzurunda hiss edir və sanki düzəltdiyi konspekt üzrə ona şikayətlənib deyirdi: «İngilis mədəniyyətinə qovuşmaq üçün Sovetlər Rusiyasının bütün təkliflərini rədd etdik. Cənab general özü bilir ki, biz əlli ildən bəri erməni millətinə istiqlaliyyət qazanmaq üçün Böyük Britaniyanın mərhəmətinə sığınmışıq. Lakin biz bu istinaddan müsbət bir şey əldə etmədiyimizdən daima düşmən partiyaların tənqidinə məruz qaldıq. İngiltərə hökuməti həmişə bizə istiqlaliyyət vədi vermiş, lakin yaman gündə erməniləri düşmən qarşısında qoyub çəkilmişlər. Türkiyə erməniləri İngiltərə himayəsinə sığınaraq ölüm-dirim mübarizəsinə qalxışdılar və İngiltərə siyasətinin qurbanı oldular. Bu zaman İngiltərədən yardım istədilər, lakin on minlərcə qurbanlara mükafat olaraq İngiltərədən bu cavabı aldılar. «Osmanlılarla mübarizə və Anadoludakı erməniləri müdafiə üçün bizim hərbi gəmilərimiz Anadolu dağlarına çıxmağı bacarmaz». Hazırda bir çoxları Türkiyə və bəziləri bolşeviklər tərəfində durmağı tələb edirkən biz yenə də əski dostumuz ingilisləri unutmadıq, onların himayəsini qəbul etməyi qərara aldıq. Çox təəssüf olsun ki, əski dostlarımız bizi burada da gülünc bir vəziyyətdə qoydular. Bakıya gətirilən qüvvənin azlığı, həm bizi bolşeviklərin tənqidinə məruz qoydu, həm də İngiltərənin əzəmətini kiçiltmiş oldu. Araratyan sanki bu sözləri generalın yanında deyərək durur və ondan cavab gözləyirdi. General papirosunu ağzından alıb stol üzərinə çırpdı: «Get gözümdən!—dedi.—Gündə bir ayağa sıvaşan palçıqlar! İstiqamətsiz, müəyyən bir fikri olmayan partiya rəhbərləri!» Bu düşüncə Araratyanı silkələdi. Xəyal yuxularından oyatdı və yazdıqlarını generala söyləmədiyi üçün bir daha özündən razı qaldı. Araratyan və Esterin oturduğu fayton çox sür'ətlə gedirdi. Generalın yaşadığı Lianozov balıq idarəsinin binası çox da yaxında deyildi. İndi də Araratyan başqa şey düşünürdü. General ondan nə üçün gəldiyini soruşduqda, nə cavab verəcəkdir? Bəlkə də general ingilislərin Bakıda nə cürə qəbul edildiklərin soruşdu, onun sualına nə cavab verməli? Yaxud general Mərkəzi Kaspi Diktaturası üzvlərinin nə fikirdə olduqlarını bilmək istədi. Araratyan bu suallara cavab hazırlamalı deyildirmi?! Bu fikir çox uzun çəkdi. Fayton general yaşayan binanın qarşısında durmuşdu, Araratyan bir səs eşitdi: – Mister, nə istəyirsiniz? Araratyan başını qaldırdıqda generalın qapısında duran növbətçi ingilis saldatını gördü və: – Biz Bakıdan gəlmişik,—dedi,—generalı görmək istəyirik. Növbətçi saldat yanında duran saldatı, generala xəbər verməyə göndərdi, saldat pilləkənlərdən qalxıb yuxarı getdi və beş dəqiqə sonra, generalın hüzuruna getmək üçün Araratyana icazə verildi. O, qızı Ester ilə bərabər yuxarı çıxdı. O, Esteri gözləmə otağında qoyaraq, öz üst-başını və yaxalığını düzəldib generalın qəbul otağına daxil oldu. Araratyan daxil olduğu zaman general qoltuqlu bir stulda oturub Xəzər dənizinə baxırdı. General dişindəki trubkasına dərin nəfəs vuraraq, havaya qəliz duman buraxdı və dedi: «Xəzər dənizi dünyada yeganə dənizdir ki, orada ingilis bayrağı gəzdirən gəmilər üzməmişdi». General bu düşüncə təsirilə ayağa qalxdı və yazı stolu başında oturdu. O, teleqram yazdı. Teleqramın birini Londona, xariciyyə nazirliyinə, digərini isə Bağdada, İngiltərə hərbi missiyasının baş idarəsinə göndərdi. «London Xariciyyə naziri baş katibinə. Avqust ayının 6-da İngiltərə imperatorluğu tarixində birinci dəfə olaraq, Xəzər dənizində İngiltərə bayrağı qaldırıldı. Qazyan, 6 avqust, 1918. Denster-Vil». General bu teleqramı yazdığı dəqiqələrdə, özünü neft Bakısı hökmüranlığında hiss edirdi. Budur, o mazut qatarlarını Bakıdan Batuma yola salır. Batum neft kəmərinin ağzını portdakı ingilis gəmilərinin ac ağzına dayamış. O, Bakının qanını son damlasına qədər sorub İngiltərənin Siti ticarətgahına boşaldır. General, Bakı nefti ilə London və Mançester sənayesinin yanacağa susamış boğazını yağlayır və neft kralı Deterdingin arzularına xidmət göstərirdi. Ənzəli dairəsinin qəliz tozlu havası ilə tənəffüs edən Araratyan ucadan öskürdü və generalı düşüncələrindən ayırdı. General başını qaldırıb qarşısında əski dostu Araratyanı gördü: – Səfa gətirmisiniz, əziz dostum!—dedi.—Buyurun! Nə əcəb təşrif gətirmisiniz? Araratyan qorxa-qorxa dedi: – Gəldim cənab generala ərz edim ki, Bakını türklərə qarşı müdafiə etmək üçün böyük qüvvə lazımdır. Qoşunun az gəlməsi, sizin dostlarınızın nüfuzunu qırdı. Bu işdən bolşeviklər həddindən artıq sevindilər. Üzdə olmasa da işçilər arasında bizə qarşı təbliğat aparırlar. Onlar hər yerdə bizim ucuz qiymətə satıldığımızı söyləyib nüfuzumuzu qırırlar. Cənab general, Bakı çox zəngin şəhərdir. Arzu edirik ki, Almaniya və Türkiyənin marağını oyadan və bolşeviklərin ölüm-dirim məsələsini təşkil edən Bakı şəhəri, bizim qədim dostumuzun, hazırkı müttəfiqimizin əlində olsun. General onu çox diqqətlə dinlədi və: – Əvvələn budur ki, Bakını müdafiə üçün yalnız ingilislərin qüvvəsi deyil, sizin öz qüvvəniz də iştirak etməlidir. İkincisi də, aldığımız məlumata görə türklərin Bakı cəbhəsində 10 mindən artıq qüvvəsi yoxdur. Bu hesaba görə sizin silah altında olan qüvvəniz, türklərin qüvvəsindən əskik deyildir. İngilislərin göndərdiyi qüvvələr əlavə edilirkən siz türklərə qalib gələ bilərsiniz. Üçüncüsü, mən bolşeviklərin, sizin əleyhinizə təbliğat aparmasına heyrət etməyə bilmərəm. Bir halda ki, hökumət Mərkəzi diktaturanın əlindədir, siz bolşevikləri Bakıda nə üçün azad buraxmışsınız? Görünür ki, siz hökumət işlərində o qədər möhkəm və təcrübəli deyilsiniz. Siz bu məsələ ilə ciddi məşğul olmalısınız, çünki bolşevik dediyim sözlə zarafat və etinasızlıq yaramaz. Onlar çox tez kök atır və çox tez inkişaf edə bilirlər. Mən arzu edərdim ki, bizim dostlarımız bu məsələ ilə ciddi məşğul olsunlar. Dördüncü məsələ də tamamilə sizdən asılıdır. Çünki bizi Bakıya dəvət edən siz özünüzsünüz. Birinci məsələ, bakılıların bizi necə qəbul etməsidir. Bu barədə məlumat vermənizi rica edərdim. Araratyan nə cavab verə bilərdi?! Onsuz da generalın bu şikayətdən narazı qaldığını anlamışdı. Buna görə də o, ancaq generalın beşinci sualına cavab verərək dedi: – Çox arzu edərdim ki, cənab generalın özü Bakıda olaydı, qonaqların şərəfinə düzələn bu təntənəni öz gözü ilə görəydi. Bakı indiyə qədər belə bir təntənə görməmişdi. Araratyan yalan danışmadan ötüşə bilməyəcəyini duyaraq, bir aktyor kimi əllərini, bədənini və qaşgözünü oynadaraq dedi: – Fabrik-zavod işçiləri tamamilə işi dayandırıb qonaqları istiqbal üçün körpüyə gəlmişdilər. Bütün Bakı mühiti Böyük Britaniyanın möhtəşəm və əyilməz bayraqları ilə bəzənmişdi. «Yaşasın müttəfiqlərimiz, yaşasın!»—deyə qışqıran səslər, şəhərə yağan top güllələrinin səsini örtürdü. Bu sözləri dinlərkən general acı-acı gülümsündü. Araratyan sözünü bitirdikdə general əlini uzadaraq stol üstündən götürdüyü bir yazılı kağızı Araratyana tərəf uzatdı: – Bunu oxuyun!—dedi.—Əcəba, bu müraciətnamənin mündərəcəsi sizin dediklərinizi təsdiq edirmi?! Bu müraciətnamə, daha doğrusu Bakı işçilərinin böyük bir hissəsi tərəfindən alqışlanan bu sənəd, ingilis ordusunun nə cür qəbul edildiyini göstərən sübut deyilmi?! Araratyan müraciətnaməni oxuduqda rəngi qaçdı. Hərflər onun gözündə o qədər böyüdü ki, Araratyanın göz həlqələri əhatə edə bilmədi. «Müraciətnamə Yoldaşlar! İşçi, matros, qızıl əskərlər və bütün Bakı vətəndaşları! İngiltərə imperializmi agentləri, əksinqilabi hərəkət uğrunda çalışır. O bizim aramıza nifaq toxumu səpir, matrosları, işçilərin əleyhinə, işçiləri isə inqilabi hökumətin üzərinə qaldırmaq istəyir. Bizə məlumdur ki, yerli əksinqilabın ingilislərlə möhkəm əlaqəsi vardır. Düşmənlər bizim hökuməti devirmək, yerində ingilis burjuaziyasının hakimiyyətini qurmaq istəyirlər. Burjuaziya və onların tərəfdarlarının hamısı ingilislərə tərəfdir. İşçi və matros yoldaşlar isə Rus inqilabının tərəfdarıdır. Burjuaziya və onun lakeyləri bizi Rusiyadan ayırmaq istəyirlər. İşçi və matros yoldaşlar isə Rusiya Federativ Sosialist Sovet Respublikası İttifaqında qalmaq arzusundadırlar. Burjuaziya, ingilis lakeyləri, bütün xainlər, qorxaqlar və bütün əksinqilabçılar Rusiyadan ayrılmağı istəyirlər. Onlar ingilis mənafeyi uğrunda Almaniya ilə müharibəni davam etdirmək üçün müstəqil Rusiyanın əleyhinədirlər. Rədd olsun ingilis imperializmi! Rədd olsun onların nökərləri! Rədd olsun burjuaziya əksinqilabı! Yaşasın xalq komissarlığı! Yaşasın müstəqil Rusiya! Yaşasın sosialist inqilabı! İngilislər sizə nə verəcəkdir?! Heç bir şey! Onlar sizdən nə alacaqdır?! Hər şeyi! Rədd olsun ingilis kapitalistləri! Hamı cəbhəyə, silah başına! Hamınız Bakını müdafiəyə!» General gözlərini Araratyanın ağzına dikmişdi. O, Bakıdan yenicə gəlmiş bu «xeyirli» müsafirin fikrini bilməyə çalışırdı. Araratyan generalın bu müraciətnamə nəticəsində nə qədər açığlandığı və kədərləndiyini lazımınca təyin etdiyindən, bu acıları onun qəlbindən silmək üçün ingilislərdən ötrü əlverişli cavablar aramağa başlamışdı. Buna görə də müraciətnaməni təkrar oxudu. Müraciətnamədəki bəzi cümlələrin cavabını verməklə generalın vaxtını almamaq və ancaq onu maraqlandıran və onu rahatsız edən bir neçə cümləyə cavab verməyi kəsdirdi. Araratyan onu rahatsız edən qısa bir cümləni əzbərləmişdi. «Onlar sizdən nə aparacaqdır!? Hər şeyi!» Generalın özü də bu cümləni bir neçə kərə təkrar edərək dedi: – Yəni necə «ingilislər Bakıdan nə aparacaq? Hər şey?» Bu nə deməkdir!? General yalnız söz ilə deyil, bütün hərəkəti ilə Araratyana sual verdi: «Bakıdan hər şeyi aparmaq mümkün olacaqdırmı?!» Araratyan ingilis generalının ruhunu, vicdanını sakit edə biləcək sözlərini açıq və qəti dedi: – Bakıdakı daşnaq, eser və menşevik rəhbərləri cənab generala verdiyi bütün vədlərinə sadiqdirlər. Onların hamısına əməl ediləcəkdir. Lakin general cənabları da öz növbəsində onların arzularına kömək etməlidir. Müraciətnaməni isə bolşeviklər buraxmışlar. General özünü düzəldərək dedi: – Mən təəccüb edirəm! Hökumət Mərkəzi Kaspi Diktaturasının əlindədirsə bu müraciətnamə nədir?! Çünki müraciətnamə iyulun 26-dan sonra çıxmışdır. Əziz dostum, hökuməti sizin kimi qurmazlar. Siz bolşeviklərin hərəkətini ilk gündən nəzarət altına almalısınız: madam ki, onlar koalisiya hökumətinə daxil olmaq istəmirlər, siz onları bütün imkanlardan məhrum etməlisiniz. Bolşeviklər gündə bir müraciətnamə buraxsa, sizinlə bizim dostluğumuzun möhkəmliyinə mane ola bilərlər. Çünki onların dedikləri, işçi və kəndlilər üçün olduqca əlverişlidir. Bolşeviklərlə qəti hesablaşmağı təkrar sizə tapşırıram, bir evdə iki hava ilə tənəffüs edilməz. Bakıdakı rəhbərlərin arzularına cavab vermək məsələsi haqqında, kral hökumətinin də öz vədinə sadiq qaldığını və Bakının müdafiə tələblərinə mümkün qədər cavab verəcəyini söyləyə bilmərəm. Ancaq sizə, əvvəl dediyim kimi indi də təkrar edirəm: bu müdafiədə sizin də iştirakınız lazımdır. Axırda şübhə çıxmasın deyə, mən öz fikrimi yazılı olaraq sizə verəcəyəm. Söhbət bitdi. Araratyan qalxıb vidalaşmaq istədikdə, general: – Rica edirəm oturun!—dedi.—Bu günü birlikdə keçirək. – Qızımı da bərabər gətirmişəm. Onun istirahətini təmin etmək lazımdır. – Bəs onu harada qoydunuz?! – Cənab generalın gözləmə otağında oturub, məni gözləyir. General Araratyanla bərabər çıxdı və Esterlə tanış oldu. Sonra da dəstəyi götürüb, Ənzəli gömrük rəisi belçikalı müsyö Konionu telefona çağırdı: – Bu gün,—dedi,—sizi Bakıdan mənə qonaq gəlmiş iki nəfər möhtərəm şəxs ilə tanış edəcəyəm. Ester gömrükxana rəisi müsyö Konninin evində təşkil edilmiş ziyafətə getmək istəmirdi. Çünki atasının onu yeni müştərilərilə tanış edəcəyini və onu ingilis zabitlərinə təqdim edəcəyini bilirdi. Lakin getməmək də olmazdı. Çünki bu, ingilis generalını təhqir sayıla bilərdi. Ziyafət gömrükxana binasında idi. Üzərində İran bayrağı vurulmuş bu əcnəbi müəssisəsinə daxil olurkən, generalı, doktor Araratyanı və Esteri müsyö Konion və madam Konion qarşıladı. General əziz qonaqlarını təqdimlə dedi: – Bu zat Qafqazın ən məşhur və ən mədəni simalarındandır, bu da möhtərəm dostumuzun qızı Ester xanımdır.—Rəis və qadını bu görüşdən məmnun qaldıqlarını təkrar-təkrar söylədilər. Qonaqların hamısı toplanmamışdı. Bir azdan sonra generalın yaveri miralay Sonders gəldi. Əvvəlcə Ester ilə tanış oldu, sonra da Araratyana əlini uzadarkən: – Üçüncü görüşümüzdür,—deyə onun əlini sıxdı. Miralay Bakının vəziyyətinə dair qısa suallar vermək də ikən, miralay Keyvort da gəldi. Miralay Keyvort görüşdükdə miralay Sondersin dediklərini təkrarla Araratyanın əlini sıxdı və Esterlə məşğul olmağa və onun ruhunu oxşamağa başladı. Keyvort birinci görüşdə, öz-özünə «Bakı səfərini şad keçirmək üçün bundan da yaxşı və sevimli vasitə ola bilməz»—deyə Esterə belə bir sual verdi: – Bakı dostlarımızın qızlarının hamısı sizin kimi gözəldirlərmi?! Ester bu yersiz suala nə cavab verə bilərdi? İndicə tanış olduğu qıza, mədəni insanlara yaraşmayan sual verən ingilisə cavab verməmək də olmazdı. Ester çox düşündü. O, ingilisləri birinci dəfədir ki, görürdü, lakin atası ingilislərin tərbiyəsindən, nəcabətindən, mədəni olmasından, ona bir kitab söhbət etmişdi. Lakin miralay Keyvortun gülünc sualları, Araratyanın ingilislər haqqında dediklərinin əsassız olduğunu göstərdi. Miralay cavab gözləyirdi. Ester dedi: – Bakıda sizin dostlarınızın qızlarından daha maraqlı və məşğul olmalı məsələlər vardır. Məncə, siz əvvəlcə dostlarınızın müdafiəsi məsələləri ilə məşğul olmalısınız. Miralay Keyvort sualından ötmədi: – Nəcib qızlar, mədəni insanların sualını cavabsız qoymazlar,—dedi,—mənim sualım mədəni bir sual olmasa belə, onu cavabsız qoymamalısınız, çünki mən erməni xalqı ilə çox maraqlanıram. Keyvort, erməni xalqının qəddar düşməni olan və imperialist lakeyi olan daşnaq və fırıldaqçı yazıçıların adını bir-bir saymağa başladı: – Mən erməni ədəbiyyatı, incəsənəti ilə maraqlanan bir ingilisəm! Keyvort öz nəsli və nəcabəti haqqında xəbər vermək istərkən, şahzadə Bahadır xanın gəlmək xəbəri verildi, bu söhbətlər yarımçıq qaldı. Bahadır xan milli paltarda gəlmişdi. General onu Esterlə tanış edərək: – Əlahəzrət İngiltərə kralının fəxri yavərlərindən Hindistan Dehli tac-təxtinin vəliəhdi cənab şahzadə Bahadır xandır,—dedi. Ester onun əlini sıxarkən dedi: – Leyla xanım haqqınızda mənə danışmışdı. Şahzadə Bahadır xan dedi: – Leyla xanımın həyatı necə keçir? Bakının havası ona yaxşı təsir edirmi? Səhhəti yerində deyildi, indi necədir? Ester dedi: – Leyla xanımın səhhəti düzəlmişdir. O, sizi səbirsizliklə gözləyir. O, Hacı Zeynalabdin Tağıyevin sarayında çox gözəl yaşayır. İngilis zabitləri bir-bir gəlirdi. Onların hər biri Ester xanımla tanış olur və ingilis adətincə öz nəsil-nəcabətindən danışırdı. Əvvəlcə kapitan Stoks Esterə yanaşaraq tanış olub dedi: – Siz vəzifəsi böyük olmayan, fəqət yüksək bir familiyaya mənsub olan zabitlə tanış olmaq istəməzmisiniz? Ester dedi: – Təbiidir ki, insanın yüksəkliyi vəzifə ilə deyil, onun mədəniyyəti və tərbiyəsilə ölçülür. – O barədə mən fəxr edirəm. İndi siz də fəxr edə bilərsiniz. Çünki bu saat siz, İngiltərənin məşhur müəlliflərindən Addisonun nəvəsi ilə oturmusunuz. – Babanız sağdırmı?! – Xeyr! Yaxınlarda vəfat etmişdir. – Bu ilmi?! – Xeyr, o, 1672-ci ildə İngiltərənin Milson şəhərində doğulmuş və 1719-cu ildə vəfat etmişdir. – Elə isə çox da yaxınlarda deyilmiş. – İngilislərdə bir misal var, eşitmisinizmi? – Xeyr, eşitməmişəm. – İngilislər deyərlər ki, iki şey dünyada nə qədər köhnə olsa o qədər qiymətli olar: biri şərab, ikincisi isə familiyadır. Rəhmətlik babam, Oksvord şəhərində oxuduğu zamanlar belə latın dilində yazdığı şerlərlə böyük şöhrət qazanmışdı. O, risvik müsalihəsi barəsində yazdığı şerlərlə kralın məhəbbətini qazanmış və ildə üç yüz lirə mükafata layiq olmuşdu. Mərhum sonra Fransa və İtaliyaya dönə-dönə səyahət etmiş və 1702-ci ildə mükəmməl bir səyahətnamə yazmışdı. Babamız neçə dəfə nazirliklərdə müşavir vəzifələrinə nail olmuşdu. Bundan da sonra İrlandiyada xədivlik və soltanlıq mənsəbinə çatmışdır. – Doğrudanmı babanız İrlandiyada xədivlik etmişdir? – Bəli, oraya xədivlik üçün gedən Vartonun yanında baş katib olmuşdur. Oradan qayıtdıqda Stel ilə bərabər səyahət və ədəbiyyata aid müxtəlif jurnallar nəşr etdirmiş və 1713-cü ildə Katon ünvanı ilə yazdığı bir teatr əsərini səhnəyə qoydurmağa müvəffəq olmuşdur. Mərhum kraliçə Annanın vəfatından sonra, 1717-ci ildə vəkillər heyətinə də daxil olmuşdur. – Bəs nə üçün kraliçə Annanın vəfatından sonra?! – Bu barədə tarix bir şey göstərmir. Ancaq bunu deyə bilərəm ki, siyasət işləri babamın xoşuna gəlmədiyindən istefaya çıxmış və ildə 500 lirə maaşla yaşamışdır. Babamın siyasət barəsində müəyyən bir fikri var. Hazırda onun Montan və Halikas tərəflərində minlərcə müridləri və tərəfdarları vardır. Ester bu sözləri dinləməkdən yorulmuşdu, o, nə qədər yaxasını qurtarmaq istəsə də kapitan Stoks onu buraxmayaraq: – Mərhum babamın Stel və Konfra ilə münasibət və söhbətləri vardı. Nəhayət, mərhum babamız Varvik şahzadələrindən biri ilə evlənmiş, lakin bu izdivacı başa çatdıra bilməmişdir. Ester gülərək: – Demək ki, familiyanız izdivacdan xoşbəxt olmayan bir familiya imiş—dedikdə, kapitan Stoks sakit duraraq əllərini ovuşdurdu. Hələ kapitan Stoks Esterdən uzaqlaşmadan kapitan Kuper irəli gəlib: – Xanımçığaz bir daha əlini sıxmağa icazə verəcəkdirmi?!—deyərək əlini uzatdı. Ester dedi: – İcazə verirəm! Kapitan Kuper onun əlini sıxıb, öz familiyasından söhbət açmağa başladı: – Zatən Adlor familiyası İngiltərədə birinci familiyadır ki, onunla minlərcə nəcib ingilislər fəxr edirlər. Bizim babamız Adlor İngiltərənin on ikinci əsrdə yetişmiş alimlərindəndir. O, Sent-b-Nua təriqətinə mənsub olan birinci alimdir ki, ərəb dilinə aşina olmaqla, riyaziyyat və heyət elminə aid bir çox əsərləri ərəbcədən ingiliscəyə tərcümə etmişdir. Bu kitabların biri də, Ukldın «Məbadi» kitabıdır ki, o vaxta qədər yunançası aşkarda yox idi. Babamızın «təbiyyat məsələləri» barəsində də mühüm əsəri vardır. Bu familiya sizi razı salırsa, mən də sizinlə tanış olmaqda özümü bəxtiyar hesab edərdim. Ester dedi: – Şübhəsiz ki, mən də yüksək familiyalı bir zatla tanış olduğum üçün yüksələcəyəm! – Buna heç şübhə yoxdur. Kapitan Kuper öz nəcabəti haqqında danışıb qurtarmadan, ingilis zabitlərindən Anneta əlini onun çiyninə qoyaraq dedi: – Xanımla tanış olmaq üçün bizə də növbə çatacaqmı? Bu sözdən sonra Kuper Esterlə vidalaşaraq: – Hələlik!—dedi və yerini Annetaya verdi. Anneta belə başladı: – Siz indi, İngiltərəni öz əsərlərilə işıqlandıran və tarixdə unudulmaz bir xatirə qoyan Volter-Skott familiyasının ən gənc və şair ruhlu bir üzvü ilə tanış olursunuz. Bizim babamız Skoçyalıdır. Məşhur şair və hekayəçi idi. 1771-ci ildə Edimburqda doğulub 1832-də vəfat etmişdir. Mərhum öz əsərində Skoçyanın əski nəğliyyatını nəzmə çəkərək şöhrətə nail olmuşdur. Anneta sözünü bitirə bilmədi çünki general Denster-Vilin xüsusi katibi onu generalın yanına çağırdı. Ester sevindi, yerindən qalxıb salonu gəzmək istərkən, mayor Buniskin onun qolundan tutaraq soruşdu: – Əcəba, sizə ingilislərin müsahibliyi xoş gəlirmi? Ester dedi: – Nə üçün də xoş gəlməsin! – Elə isə mən sizə, İngiltərədə məşhur bir familiyadan danışacağam. Siz, məşhur Sibtorpun nəvəsi mayor Buniskin ilə tanış olursunuz! Bunu deyərək Esterin əlini sıxdı. – Çox şadam! Bu gün mən İngiltərənin məşhur alim və şairlərinin adlarını eşitmək və onların möhtərəm nəvələrilə tanış olmaqla məmnunam. – Babamız İngiltərənin məşhur təbiyyatçılarındandır, özü də 1758-ci ildə Oksfordda doğulmuşdur. Aralıq dənizi adalarında Yunanıstan və Osmanlı məmləkətlərində bir çox səyahətlər etmişdir. Nəbatat elminə aid İngiltərə ali məktəblərinə bir çox qiymətli kitablar verə bilmişdir. Ziyafət bitincəyə qədər, burada iştirak edən ingilis zabitləri Esterlə tanış olaraq, tarixdən bildikləri məşhur familiyalardan hərəsi birini mənimsədi. Birisi özünü Lord-Con-Kont, o birisi İngiltərədə norman xanədanına mənsub Eduard, üçüncüsü məşhur təbiyyatçı Eduard və sairlərinə nisbət verməklə Esterin ruhunu qaşıyırdı. Ester yoruldu, birindən qurtarıb başqasının əlinə düşürdü. Bu sırada miralay Keyvort, bir neçə dəfə o tərəfə-bu tərəfə ötərək Esterə yaxın gəlmək istədisə də fürsət tapa bilmədi. Araratyan ingilis zabitlərilə bərabər Bakıya gəlmək üçün gəmiyə oturduqda, general Denster-Vilin yaveri miralay Sonders generalın məktubunu Araratyana verdi. Ester gəmi salonunda miralay Keyvortla söhbət etdiyi zaman, Araratyan da məktubu oxuyurdu: «Qazyan, 7 avqust 1918-ci il. Möhtərəm doktor Araratyan! Sizdə şübhə oyanmasın deyə mən dünənki söhbətimizi yazılı şəkildə sizə verməyi lazım bildim. Sizin ricalarınız aşağıda göstərilən üç məsələdən ibarətdir. Bakının müdafiəsi; Yerevandakı ermənilərin vəziyyəti; Culfa ermənilər haqqında. Sizin birinci tələbinizə mən aşağıdakı cavabı verirəm: Bakının müdafiəsi bizim üçün çətin deyildir. Düşmənin Bakını alması ehtimalı da azdır. Lakin Bakı əhalisinin bizə kömək verməsi də birinci şərtlərdəndir. Bakı əhalisi və hökumət bizim bütün qərarlarımızı həyata keçirməklə düşmənin qarşısını almalıdır. Yalnız əhalinin köməyi kifayət deyildir. Onlar bizimlə bərabər düşmən cəbhələrinə hücum etməli və şəhərdən kənara çıxıb düşmənlə üz-üzə vuruşmalıdırlar. Xüsusən bu məsələ bizi müdafiə edən və əhalinin mühüm hissəsini təşkil edən erməni xalqına da aiddir. Doğru işləməyi bacaran hərbi təşkilatın yoxluğu, sizin əskəri qüvvənizin və bacarığınızın mühüm bir hissəsini hədərə vermişdir. Mən bu nöqsanları ləğv etmək üçün zabitlər göndərəcəyəm. Bakı müdafiəsini yalnız ingilislərin öhdəsinə də qoymaq olmaz. Siz bilirsiniz ki, ingilis hərbi qüvvələri dağınıq haldadır. Onlar Bağdaddan Bakıya qədər geniş məsafəni işğal edir. Dəmiryolu olmadığından mərkəzdən yardım almaq da çətindir. Bakıdakı qüvvəmizi müdafiə işi də olduqca mürəkkəbdir. Hər halda sizi inandırıram ki, Bakını müdafiə üçün lazım olan qoşun göndəriləcəkdir. Qələbənin təmini, sizin yoldaşların Bakı müdafiəsi işini ingilislərlə bərabər öhdələrinə götürməsindən asılıdır. Siz bu barədə yoldaşlarınızdan arxayın deyilsinizsə və axıra qədər vuruşa bilməyəcəksinizsə, bunu mənə əvvəldən xəbər verməlisiniz. Onda mən düşmənlə bir növ sazişə girişməyinizi məsləhət görərdim. Mənə də öz qoşunlarımı Bakıdan çıxarmaq üçün vaxt verərdiniz. 2-ci məsələ: Yerevanda ələ gətiriləcək hərbi vəsaitin müttəfiqlərin istifadəsinə qabil olmaması məsələsidir. Mən bu barədə yaxın zamanda kömək edəcəyimizə vəd edə bilmərəm. Bu sözlərim üçüncü məsələyə də aiddir. Çünki ermənilər yaşayan rayonlar da ingilislərin hərəkət məntəqəsinə yaxın deyildir. Mən bunları yazıram ki, sonradan bizim vəd edib əməl etmədiyimizi söyləməsinlər. Hər halda müttəfiqlərdən birinin qələbəsi şübhəsizdir. Bunun nəticəsində də Ermənistan bərpa ediləcəkdir. Bu qələbə, sizin qaranlıq həyatınızın yoluna işıq saçan ulduz məqamını kəsb edəcəkdir». Araratyan məktubdan razı qalmadı. Lakin son cümlələr, qismən xoşuna gəlirdi. Buna görə də bu cümləni təkrar oxudu: «Hər halda sizi inandırıram ki, Bakını müdafiə üçün lazım olan qoşun göndəriləcəkdir». Doktor bu cümləni oxuduqdan sonra: – Nə olursa-olsun,—dedi,—bu tarixi bir məktubdur. Bunu Böyük Britaniyanın məsul bir generalı yazır. Məktubu çox səliqə ilə büküb qoynuna qoydu və ətrafına baxdıqda Esterlə Keyvortun şirin söhbətdə olduğunu görüb sevindi. Qızının ingilis miralayı ilə olan söhbətinə geniş imkan vermək üçün qalxdı, barmaqları ucunda yeriyib getdi. Keyvort özünü Esterə sevdirmək və onu aldatmaq üçün öz familiyasının şöhrəti haqqında uzun bir dastan başlamışdı, o əvvəlcə başqa yoldaşları kimi ermənilərdən söhbətə başladı: – Doğrudan da biz Bakıya, əsasən erməni xalqına nicat vermək üçün gedirik. Əlbəttə, mənim bunu deməyim münasib olmasa da, sizdən gizlətməməliyəm. Bu barədə kralın generala xüsusi əmri var. Əmrnamədə kral həzrətləri ermənilərlə dostluğu xüsusi qeyd etmişdir. Bu səfərdə bizim əsas vəzifəmiz, erməniləri müdafiə və onların istiqlaliyyətini bərpa etməkdir. Eyni zamanda biz Böyük Britaniyanın əsrlərdən bəri bəslədiyi bir arzunu həyata keçirmək üçün Bakıya gedirik. Mənim hər iki məqsədə xidmət üçün bu səfərdə iştirak etməyim, familiyamızın tarixi iftixarını bir daha artıracaq və ona əzəmətlər verəcəkdir. Familiyamız bütün İngiltərədə məşhurdur. Hazırda yüzlərcə vicdanlı, namuslu, ingilis dünyada ən nəcib olan Keyvort familiyasına mənsub olmaqla fəxr edir. Zatən bu familiya, bütün İngiltərə xalqının iftixar etdiyi bir familiyadır. Ester miralayın uzun danışdığını görüb, onun ingilis qürurunu qısaltmaq üçün sual verdi: – Cənab miralay İngiltərənin hansı məmləkətindəndir? Miralay yeni bir dastan başladı və Esterə sual verdi: – Siz məktəbdə təbiyyat dərsi keçirmisiniz? – Əlbəttə keçirik. – İngiltərənin təbiyyatçıları tərəfindən yazılmış əsərləri məktəblərinizdə keçmirlərmi? – Xeyr! Keçsələr də xatirimdə deyildir. – Böyük səhvdir. İngiltərənin əski dostu olan bir millət ingilis təbiyyatşunaslarını tanımırsa və onların əsərlərini məktəblərində oxutmursa tarixi bir səhv edir. – Doğrudur! Bilmirəm nə üçün dərs kitabları düzəldilən zaman bu qədər böyük və tarixi bir səhv buraxılmışdır. Mən bunu cib dəftərimə qeyd edəcək və atama söyləyəcəyəm. Gələn dərs ili erməni uşaqları ingilis təbiyyatşunaslarının əsərlərini oxumalıdırlar. Ester bunu deyərək redikulundan kiçik xatirat dəftərini çıxarıb yazdı. «Gələn dərs ilində ingilis təbiyyatşunaslarının əsərləri məcburi olaraq məktəblərdə keçirilməlidir». Ester bununla da miralay Keyvortun söhbəti bitirəcəyini düşünürdü. Lakin miralay sözə başladı: – Bəli, familiyamız haqqında sizə bir az məlumat verməliyəm. Familiyamız İngiltərənin məşhur təbiiyyatşunaslarından Banks cənablarına mənsubdur. Özümüz Londonluyuq. Babamız Banks 1768-ci ildə dövrüaləm səyahətinə gedən kapitan Korkla yoldaş olub dünyanın çox yerlərini səyahət etmişdir. Möhtərəm babamız gəzdiyi ölkələrin coğrafi vəziyyətinə dair bir çox əsərlər yaratmışdır. Hazırda İngiltərədə heç bir kitabxana yoxdur ki, Banksın əsərindən beş-on cild tapılmasın. Mərhum babamız səyahətdən sonra öz əsərləri ilə məşhur olaraq elmi və fənni cəmiyyətlərin təqdirinə nail olmuş və nəticədə London fənni cəmiyyətinin sədrliyinə təyin edilmişdi. Bu qədər böyük bir şərəfdən sonra mərhum babamız kralın diqqətini cəlb edir və bir az sonra kralın xüsusi müşaviri təyin edilir və üçüncü Jorjun hörmətinə nail olur. Babamız mərhum olduğu zaman təbiyyat məsələlərinə aid minlərcə cild kitablarını London müzeyinə vəqf etmişdir. Böyük Okeandakı məşhur adalar mərhumun adı ilə adlanmışdır. Ənzəlidən Bakıya gələnə qədər Ester yaxasını Keyvortdan qurtara bilmədi. Səhər çay içəndə, naharda, şam süfrəsində o Esterə öz babalarından və öz böyüklüyündən söhbət açdı. * * * XXIII. Yeni hökumətin siması «Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir. Tiq-Çonson Bakı, 8 avqust, 1918-ci il». İngilis siyasi nümayəndəsi Tiq-Çonson avqustun 8-də birləşmiş iclasda iştirak üçün Mərkəzi Kaspi Diktaturası divani-rəyasətindən dəvətnamə alırkən, uzun danışıqları, vaxtı alacaq deklarasiyaları, dövlətin iş proqraması haqqında uzun-uzadı tezislərin elan edilməsini məsləhət görməmişdi. Tiq-Çonson verdiyi cavabda, iclasın Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr olunmasını «tövsiyə» şəklində Mərkəzi Kaspi Diktaturasına əmr etmişdi. Buna görə də hökumətin ingilislərlə birlikdə çağırdığı birləşmiş iclas çox da uzun çəkmədi. Divani-rəyasət üzvləri, iclasın vaxtına bir saat qalmış salona toplanıb ingilis ağalarını gözləməkdə idilər. Doktor Araratyan ağaların gəlmək xəbərini gətirdi. O, «ağalar gəlir!» — deyə salona girdikdə iclasdakı adamlarda böyük bir həyəcan başlandı; hər kəs ingilislərə görünmək üçün yaxın stullarda yer tutmağa tələsdi. İlk əvvəl Tiq-Çonson, şahzadə Bahadır xan, Leyla xanım, miralay Keyvort, Ester, miralay Sonders və bir neçə kiçik zabit salona girdi. İngilislər hələ özlərinə təyin edilmiş fəxri yerlərdə əyləşmədən, salonu və salondakıları gözdən keçirdilər, iclasdakılar da ayaq üstə dayanıb oturmaq üçün ağalardan icazə gözləyirdilər. Nəhayət, Tiq-Çonson əli ilə işarə verdi ki, «əyləşin!» Diktatura üzvləri baş əyib oturdular. Bu fürsətdən istifadə ilə Sadovski, Ayolloya macal vermədən divani-rəyasətin mərkəzdəki stulunu işğal etdi. Bahadır xan, miralay Keyvort, Tiq-Çonson və Ester yan-yana oturmuşdu. Hər kəs yerini tutdu. Hər kəs iclasın açılmasını gözləyirdi. Mərkəzi Kaspi Diktaturası üzvləri isə göz vurur, iclasın açılmasını bir-birinin boynuna qoymağa çalışırdılar. Tiq-Çonson dedi: – Cənab Sadovski! Məncə iclası açmaq məsləhətdir. Çünki zabitlərin çoxu cəbhədən çağırılmışdır. Yenə də cəbhəyə getməlidirlər. Sadovski ayağa qalxanda birinci olaraq Leyla xanım onu alqışlamağa başladı. Sonra bütün salondakılar alqışladı. Sadovski dedi: – Ağalar, cənablar, möhtərəm qonaqlar! Avqustun 8-də müttəfiqlərlə birlikdə çağırılan birləşmiş iclası açıq elan etməklə özümüzü bu tarixi şərəflə xoşbəxt hesab edirəm. Mən möhtərəm müttəfiqlərin və möhtərəm ağaların vaxtını almamaq üçün hökumətin iş proqramını çox qısaca elan edəcəyəm. «Yeni hökumətin vəzifəsi, əhalinin həyat və sərvətini müdafiə etmək və Bakını Sovet Rusiyası üçün saxlamaqdan ibarət deyildir. – Yox! Biz öz vəzifəmizi geniş anlayırıq. Artıq Rusiyanın Brest-Litovsk müqaviləsinin əleyhinə mübarizə aparmaq zamanı çatmışdır. Bizim qüvvələrimizin Qərb və İtaliya cəbhələrindəki müttəfiqlərimizin qüvvələri ilə birləşməsi vaxtıdır. Abşeron yarımadasındakı müharibə bizdən ötrü beynəlxalq əhəmiyyəti olan bir məsələdir...» Sadovski çox uzun danışdı. Qısa surətdə elan edəcəyi proqramda, uzun-uzadı yaltaqlıq etdi. Sadovskinin çıxışı ingilislərin arası kəsilməz alqışları ilə qarşılandı və bu «dostluğa» qarşı divani-rəyasət üzvləri bir daha baş əydi. Çıxışda bulunmaq üçün Məlik-Elçiyana söz verildi. O, belə başladı: – Bəzi cənablar qorxaraq dedilər ki, biz ingilisləri Bakıya buraxdıqda, cahan müharibəsinə qarışacağıq, lakin biz bu sözlərə etina etmədik. Biz ingilis, Fransa dövlətləri ilə əlaqəyə girməli və zülmün pəncəsindən qurtarmalıyıq. Tiq-Çonsonun narazı və səbirsiz baxışlarına baxmayaraq, Mərkəzi Kaspi Diktaturası üzvləri bir-bir söz alıb danışdı, eyni yaltaqlıqla təkrar özünü təqdim elədi və Abşeron yarımadasındakı neftin əhəmiyyətini göstərməklə ingilislərin iştahasını coşdurdu. Alış-satış məsələsinə aid bütün söhbətlər bitdi. Cəbhə məsələsindən söz düşdü. Miralay Keyvort ayağa qalxaraq dedi: – Mən dünən bütün vaxtımı hərb cəbhəsini gəzməyə sərf etdim; deməliyəm ki, cəbhələrin hazırkı vəziyyəti qalibiyyətə ümidverici deyildir. Nə səngərlər, nə qazmalar, nə də geriyə çəkilmək üçün yollar öz qaydasındadır. Qoşunların hazırda yerləşdiyi mövqelər və möhkəmlətdiyi cəbhələr də əlverişli deyildir. Nə qiymətə olur-olsun, biz hazırda işğal etdiyimiz mövqedən üç-dörd kilometr irəli getməliyik. İrəli getmək məsələsi isə ancaq yerli qoşunun yenidən təşkili ilə mümkündür. Hərbi materiallar haqqında da danışmaq lazımdır. Onlar lazımi yerinə sərf olunmur. Onları təcili surətdə kontrol altına almaq lazımdır. Mən cəbhəni gəzdiyim vaxt saldatların heç bir yeri hədəf etmədən və düşmənin mövqeyini təyin etmədən havaya güllə atdığını gördüm, səbəbini soruşduqda dedilər: «Qoy düşmən yatmadığımızı və hazır olduğumuzu bilsin». İclasın axırında, Mərkəzi Kaspi Diktaturası hərbi naziri Baqratuni və baş komandan Dukaçiyev bütün tələblərin həyata keçirilməsi üçün söz verdilər. Hökumət üzvləri ingilislərə müraciətlə dedilər ki: – Siz fikirlərinizi yazılı olaraq verin, biz onların hamısını həyata keçirməyə hazırıq. * * * XXIV. Esterin həbs edilməsi Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi. O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü. Ester bolşeviklərin həbsinə və onlara məxsus ləvazimatın müsadirəsinə dair çıxarılan qərar haqqında Vahana məktub yazmağa çalışırdısa da, buna imkan tapa bilmirdi, çünki ingilis miralayı Keyvort bütün boş vaxtlarını Araratyanın evində keçirir və Esterin ətrafından çəkilmirdi. Bu gün Ester fürsətdən istifadə edərək Vahana məktub göndərməyi qət etdi: «Mənim ruhum Vahan! İrandan qayıdandan sonra sənə məktub göndərməyə fürsət olmamışdır. Çünki Hamazasb və Avetisovun əlindən qurtarandan sonra onlardan daha həyasız olan bir ingilis zabitinin əlinə düşmüşəm. Bu həyasız neçə gündən bəri mənim baş-beynimi aparır. Bunun Bakını müdafiə fəaliyyəti — bütün günü mənə eşq elan etmək və İngiltərə krallığında olan bütün şöhrət və əzəməti öz familiyasına çıxmaq istəməsindən ibarətdir. Vahan, mən indi bu fikrə gəlmişəm ki, nə ingilislər, nə də bizim yerli qoşunlar Bakını müdafiə edə biləcəklər. Bakının həqiqi sahibi olan bolşeviklər iş başından gedəndən sonra vəziyyət daha da xarablaşmışdır. Mən sənə səmimi söz verirəm ki, erməni qoşunları birinci ciddi çarpışmada müharibədən boyun qaçıracaq və şəhərə çəkiləcəkdir. Çünki daşnaqlar arasında birlik yoxdur. Onlar bolşeviklərin saxladığı intizam sayəsində yarımçıq birlik düzəldə bilmişdilər. İndi isə hərə bir tərəfə çəkir, bunu daşnaqların öz xüsusi iclaslarında qeyd etdilər. Atam öz arzusuna nail olmayacağından qorxur, çünki ingilislərə ümid bəsləyə bilmir, buna baxmayaraq nə olur-olsun mənimlə ingilis miralayı Keyvortun arasında qırılmaz bir əlaqə yaratmağa çalışır. Vahan, bunu bil ki, mən Keyvorta bağlanan qız deyiləm. Mən, ingilis zabitlərinin yalan dillərinə, boş və şərəfsiz adlarına aldanıb, onlarla tanış olmaq üçün zinətlərini satıb xərc tökən qızlara gülürəm. Çünki ingilislər ingilis olmayan xalqlara yuxarıdan baxır və ingilis olmayanları həqiqi insan hesab etmirlər. Vahan, Allah etməsin, bunlar bizim yerlərin ağası olsalar, buralardan tamamilə çıxıb qaçmaq lazım gələcək. Bunların ədəbsizliyinə dözmək mümkün deyil! Mən bunları yay klubunda şam yeməyində gördüm, şam süfrəsi başında ən çirkin hərəkətlərdə olurlar. Mən iki gün əvvəl faytonda gedərkən, iki nəfər ingilisin tində bir-birilə həyasız əlaqədə olduğunu gördüm. Vahan, indi də bir neçə kəlmə ən mühüm məsələlərdən yazıram. Dünən gecə bolşeviklərin məsələsini həll etmək üçün iclas çağırılmışdı. İclasda, bolşeviklərin Rusiyadan aldıqları şeyləri on üç böyük paroxoda yığıb Rusiyaya aparmaları məsələsi müzakirə edilirdi. Müzakirə nəticəsində, bolşeviklərə Bakıdan paroxodlara oturub dənizə çıxıncaya qədər toxunmamaq və dənizə çıxdıqdan sonra hərbi paroxodları göndərib komissarları həbs və malları müsadirə etmək qət olundu. Onlar bolşevikləri Bakıda həbs etmək və malları müsadirə etməkdə işçilərin üsyanından qorxurlar. Buna görə də dənizdə həbs etmək və işçilərin xəbəri olmadan məsələni bitirmək qərarına gəlmişlər. Vahan, bu yazdıqlarım tamamilə doğrudur, mümkünsə bunu lazımi yerlərə xəbər verməlisən. Hərgah düşmənlər buna müvəffəq olursa, bizim üçün böyük bədbəxtlik üz verəcəkdir...» Ester sonra Raya və Əminə ilə görüş barəsində yazmaq istərkən, qapı açıldı. Araratyan daxil oldu. Ester özünü itirdi. Məktubu gizlətmək istərkən Araratyan onun halından çıxdığını görüb şübhələndi və onun qarşısındakı məktubu götürdü. Araratyan məktubun yarısını oxumamış barıt anbarı kimi alışdı, qışqırdı: – Mənim qızım bolşevik? Mənim qızım mənim düşmənim? Araratyan bunu deyərək qızın saçlarından tutdu və əyib çarpayının üstünə atdı. Var gücü ilə onu silkələyib döyməyə və söyüb təhqir etməyə başladı: – Söylə mənə o haramzada Vahanın adresini! Söylə deyirəm! Söylə, bu saatda verim ingilislər onu güllələsin! Ester başını qaldırıb dedi: – Bilmirəm! Bilsəm də deməyəcəyəm! Araratyan yenə də döyməkdə davam edib dedi: – Sən də anan kimi nanəcibsən. Mən onu nə qədər tərbiyə etdimsə, yenə də öz nanəcib xasiyyətini dəyişmədi. Kəndliləri müdafiə etdi. Sən də anan kimi nanəciblərin nanəcibisən. Anan cəhənnəm olub mənim başımdan rədd oldu, indi də sən mənim rüsvay olmağıma çalışırsan? Vahan kimdir? O, cındır paltar, kirli pasaxlı bir kəndli dığası deyilmi?! Mən onu da məhv edərəm, səni də! Mən səni adam etmək istəyirəm, sənsə heyvan olmağa çalışırsan. Sən məni Bakıda üç qəpiklik bir adam etməyə çalışırsan. De görüm! De!.. Haradadır o haramzada? Neçə illərdir ki, sənin əxlaqını pozmağa çalışır, bilmirəm lütün birisi mənim ailəmdən nə istəyir? De görüm! – Deməyəcəyəm! – Sən bu məktubu nə vasitə ilə göndərəcəkdin? – O mənim öz işimdir! – Hərgah söyləməsən bolşeviklər həbs edilənə qədər səni azad buraxmayacağam. Sən ağzını o yerə yetirmisən, nəcib ingilislər haqqında elə ədəbsiz sözlər yazırsan? – Yazdıqlarım yalandırmı? Sənin özünlə faytonda gedərkən tində, xalqın gözü qabağında iki ingilis saldatının hərəkətini görmədikmi? Klubda da əxlaqsız hərəkətlər edib gülmürdülərmi? – Mən sənə xəbər verirəm: ingilislər nə olur-olsun sən miralay Keyvortla yaşamalısan. Belə olmazsa səni bir daşnaq gədəsi vasitəsilə məhv etdirəcəyəm. Sən nə olursan ol, yenə də xalq səni mənim qızım kimi tanımaqdadır. Ester dağınıq saçlı başını qaldırıb dedi: – Keyvortla sən özün yaşa! Sən özün gündə ərə getməyi öyrənmisən. Hazırda bir əlin ingilislərin, o biri əlin türklərin ətəyində olduğu halda dişlərinlə də «müsavatın» quyruğundan tutmusan. Halbuki, bir neçə ay əvvəl müsavatçılar və siz minlərcə erməni və türk kəndlisini qanına boyadınız. Çəkil gözümdən, əli qanlı həyasız! Sən mənim atam deyilsən, sən mənim namusumu satmağa çalışan həyasız, vicdansız bir tacirsən, ver məni öldürsünlər! Sənə də, sənin əməkdaşlıq etdiyin daşnaqlara da lənət, sənin barışmaq istədiyin «müsavata» da lənət! Mənsə Vahanı, Vahanın mənsub olduğu bolşevikləri sevirəm! Bir daha mənə əlini qaldırsan şamdanla vurub başını yararam! Araratyan bu sözləri eşitdikdə dedi: – Tfu, sənin zatına lənət! Sən daha eşiyə buraxılmayacaqsan! O, çıxdı və qapını eşikdən bağladı. * * * XXV. Bolşeviklər Həştərxana gedir «Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam. Petrov 12 avqust, 1918-ci il. Leyla xanım telefonda Türkiyə əks-kəşfiyyatı bürosu ilə danışırdı: – Hacı Zeynalabdin cənablarının evidir... Bəli... xaricdə nömrə 11, daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55... Dolmabağça 16... dinləyin, şifahi nömrə 2. Bu gün bolşeviklər Bakını tərk edir. Onlar Sovet hökumətinə məxsus olan bütün qiymətli şeyləri və hərbi ləvazimatı toplayaraq on üç paroxoda yükləmişlər. Mərkəzi Kaspi Diktaturasının etirazına baxmayaraq, Moskvadan Sovet hökumətinin göndərdiyi bütün şeyləri, Şaumyan özü ilə aparır. Şeylərin burada qalması və Bakını işğal edəndən sonra hökumətimizin əlinə keçməsi ən mühüm qələbələrdəndir. Buna görə də mən miralay Keyvort və Bahadır xanla danışdım. Radio vasitəsilə general ilə də danışıldı. Bolşeviklərin həbs və hərbi ləvazimatın müsadirə edilməsi qərara alındı. Hər halda hərbi ləvazimatın və başqa vəsaitin əlimizə keçəcəyi şübhəsizdir. Cəbhədə də işlərimiz yaxşıdır. Mühüm rol oynamaqda olan Petrovun hərbi qüvvələri cəbhəni buraxıb Rusiyaya çəkilir, ingilislərlə Mərkəzi Kaspi Diktaturası Petrovu saxlayaraq Türkiyə əleyhinə istifadə etmək istəyirdi. Bu gün Petrov onlara rəsmi yazmışdı: «Mən İngiltərə imperializmi ilə birləşib, Almaniya imperializminə qarşı müharibə etmərəm». Bu sözlər eynilə Petrovun ağzından çıxan və hökumətə rəsmi surətdə yazılan sözlərdir. İndi artıq Bakının müdafiəsi, başıpozuq, ruhu düşkün Bakı qoşunu ilə ingilis təlimatçılarının öhdəsinə qalır. Bu gün yerli qoşunun vəziyyətini və qüvvəsinin nədən ibarət olduğunu göstərən rəqəmləri miralay Keyvort, kapitan Stoks və Bahadır xan müzakirə etdilər və öz mülahizələrini bütün məlumatla bərabər Ənzəlidə, general Denster-Vilə göndərdilər. Həmin məlumatın surəti qarşımdadır. Dinləyin, telefonda oxuyuram. «İngilislərin gətirdiyi tüfənklərdən başqa yerli qoşunun əlində 6 min tüfənk vardır. Bütün yerli qüvvə 22 batalyona təqsim edilmişdir. Onların hər birində 150-dən 500-ə qədər adam vardır. Cəbhəni müdafiə qüvvəsi olduqca zəifdir. Tikanlı məftil qətiyyən yoxdur. Cəbhənin sol qanadında ingilis Şimali Stafford alayının bir hissəsi yerləşmişdir. Bu hissə olduqca zəifdir, sayı 100 nəfərdən artıq deyildir. Şimali Stafford alayının bir hissəsi də cəbhənin mərkəzinə yaxın olan mövqelərdədir. Bunlar da sol qanadda yerləşən qüvvənin miqdarından artıq deyillər. Bu hissələrin ən zəif cəhəti burasındadır ki, onları əvəz edəcək qüvvə çatmır. Cəbhəni bir neçə kərə özbaşına buraxıb gedən iki yerli batalyon vardır. Bu günkü müzakirədə, sol cəbhədə mütləq məftil hasar çəkilməsi qərara alınmışdır. İngilislər, hərbi plan üzrə hazırkı cəbhəni Türkiyə ordusu əlində olan mövqelər hesabına irəli aparmaq istəyirlər. Çünki Türkiyə ordusunun işğal etdiyi cəbhə dəyişilmədiyi təqdirdə Türkiyə topları doku limanda duran paroxodları, hətta «Yevropa» və «Metropol» otelində yerləşən ingilis ərkani-hərbini döyməyə müvəffəq olacaqdır. İngilislərin çəkdiyi hərbi plan qarşımdadır. Onu sabah göndərəcəyəm. Bu plan üzrə cəbhəni üç-dörd kilometr irəli atmaq üçün başlanan hücum, şəhərin qərb tərəfindən başlanmalıdır. Bu hücumu müvəffəqiyyətlə aparmaq üçün yerli qoşunu yenidən təşkil etmək layihəsi hazırlamağa başlamışlar. Bu layihəni həyata keçirmək üçün miralay Keyvort Ənzəlidə ingilis missiyası rəisi general Denster-Vilə müraciətlə miralay Uordenin və bir neçə kiçik rütbəli zabitin göndərilməsini rica etmişdir. Yeni gördüyümüz işlərin ən mühümü yerli qoşun arasında apardığımız təşviqatdan ibarətdir; bu təşviqat nəticəsində yerli qoşun hissələri kütləvi surətdə istirahət tələb edir. Yerli qoşunu yenidən təşkil işində əsas maneələrdən biri də qoşunun istirahət tələbindən ibarətdir. Bu təşəbbüs nəticəsində sol qanaddakı ingilis Stafford alayının yüz nəfərlik hissəsi ehtiyatsız qalmış olacaqdır. Bundan da əlavə Stafford alayının vəziyyəti ümidsizdir. Çünki bunun ehtiyatı olan yerli qoşun çox uzaqda yerləşdirilmişdir. Palçıq vulkanı hissəsindəki cəbhəni, Stafford alayının «D» bölüyü müdafiə edir. Bahadır xanın mənə dediyinə görə, bu bölüyün komandanı kapitan Sparro hərbi biliyi olmayan mətanətsiz və zəif bir adamdır. Bahadır xan cəbhənin belə vəziyyətindən olduqca rahatsızdır. Onun fikrincə Bakının taleyini Palçıq vulkanı cəbhəsi həll edəcəkdir. Buna görə də oranı möhkəmlətmək üçün bu gecə saat dörddə şahzadə Bahadır xanın özü də müxtəsər ləvazimatla Palçıq vulkanı cəbhəsinə gedəcək və sabahdan müharibədə iştirak edəcəkdir. Bunu da təkrar etmək istəyirəm ki, o tərəflərdə yerləşən ingilis qoşununun ehtiyatını təşkil edən iki yerli batalyon hazırda Biləcəri ətrafındadır. Lakin daşnaq rəhbərlərinin gizli iclasından alınmış yazılı məlumata görə bu qoşun, müharibədə iştirak etməyəcəkdir. Şəhər içərisində ingilislərin iki yüz nəfərdən artıq ehtiyat qüvvəsi yoxdur. Şəhər içərisində iş görmək üçün canlı qüvvəyə böyük ehtiyacımız var. Burada «müsavat» üzvlərindən, təşviqat üçün yarayan və camaat arasında işləməyi bacaran təşkilatçı adamlar çox azdır. İngilislər gəldikdən sonra bolşeviklərin iş başından çəkilməsilə də Bakıda vəziyyət dəyişməmişdir. «Müsavat» partiyası üzvləri və mart hadisəsində məğlub olub çəkilənlər hələ şəhərə gəlməmişlər. Yerli üsyan məsələsi əvvəlki kimi bir xəyal olaraq qalır. Mart üsyanında məğlub olan müsəlman varlıları ikinci bir üsyana cəsarət etmirlər. İngilislərin şəhərə gəlməsi də bu fikri söndürməkdədir. Erməni milli sovetinin üzvü doktor Araratyan üçüncü kərə Ənzəliyə, ingilislərin yanına gedib qayıtdı. Araratyan ingilislərə üç maddəlik bir tələbat vermişdi. Onlardan biri Yerevan ermənilərinin vəziyyəti məsələsi idi. Araratyan Yerevandan güclü hərbi ləvazimat olduğunu göstərməklə ingilislərin diqqətini cəlb etmək istəmişdir. Buna cavab olaraq ingilis generalı, o ləvazimatın müttəfiqlərin istifadəsinə yaramadığını göstərmiş və Yerevan məsələsindən boyun qaçırmışdır. Bir tələb də, Culfa ermənilərinin İngiltərə tərəfindən müdafiəsidir. General bu tələbatı da rədd etmişdir. Çünki Culfa ingilislər işğal edən yerlərdən çox uzaqdır. Həm də o tərəflərdə İngiltərə kapitalistlərinə lazım olan bir şey yoxdur. Üçüncü tələb, Bakının müdafiə məsələsindən ibarət idi, buna qarşı da general müsbət bir cavab verməmişdir. O, müdafiə işlərini Bakıdan yerli qoşunun öhdəsində qoymuş və təlimatçılar göndərəcəyini qeyd etmişdir. General bütün tələblərə cavab olaraq Araratyana məktub yazmışdır. Hələlik məktubu ələ gətirmək mümkün olmadı. Bu gün diktatura üzvlərindən Sadovski haman məktubun surətini Araratyandan alıb mənə verməyi öhdəsinə götürdü. Ayın 8-də yerli hökumətlə ingilislərin birləşmiş iclası oldu. İclasda danışılan məsələlərin stenoqramını almışam, sabahkı məlumatla göndərəcəyəm». * * * XXVI. «Üçüncü Bahadır şah» Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər. Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi. Hacının millətpərəstlik pərdəsi altında apardığı şəxsi siyasəti bu ziyafət əsnasında daha artıq gözə çarpdı. Hacı «millətin babası» olduğunu, öz böyüklüyünü isbata çalışırdı. Burada iştirak edən və bu kimi ziyafətlərdə sirk heyvanları kimi əzbərlədikləri eyni və yeknəsəq sözləri deməyə məmur olan beş-on nəfər qarınqulu, yenə də yalaqçasına «hacı baba», «millətin istinadgahı», «müsəlman millətinin şərəfi», «səbəbi-iftixarımız» və sair bu kimi ləqəbləri hər söz başı deməklə hacını tanıtmağa və Bahadır xanın nəzərində böyütməyə çalışırdılar. Bahadır xan bu sözləri çox diqqətlə dinləyərək, hacının bu ziyafətdən məqsədini anlamamış deyildi. Bahadır xan İngiltərə imperialistlərinin, İran, Qafqaz və Orta Asiya haqqındakı planlarından bəzi parçalar söylədi. İttihadi-islam və «müsavat» partiyası rəhbərləri öz fikirlərini söyləmədən, hacı cənabları sözə başladı. Hacı öz çıxışında, indi öz sərvətinə səngər qayırmağa, dini müdafiə naminə öz sərvətinin müdafiəsinə qalxışmağa başladı. Hacının çıxışı müstəmləkə mühitində bəslənmiş, ətinə və qanına qədər ingilisləşmiş Bahadır xanın ruhunu oxşadı. Ziyafət bitən kimi şəhərə qayıtmaq lazım idi. Çünki gecə saat dörddə şahzadə Bahadır xan Palçıq vulkanı cəbhəsinə gedəcəkdi. Onlar axşam saat birə on dəqiqə işləmiş şəhərdə Hacı Zeynalabdin Tağıyevin balkonunda oturub müharibənin gedişi haqqında danışırdılar. Leyla onun əlini əlinə alıb dedi: – Doğrusu, mən sənin bu müharibədə iştirak etməyinə tərəfdar deyiləm, çünki müharibə kar və amansız bir şeydir. O, nə sevgi diləklərini dinləyə bilir, nə də iki sevilinin düşüncələrini duya bilir. Müharibənin ən rəhmsiz tərəflərindən biri də budur ki, o daima gəncləri və gənc arzuları məhv edir. Müharibə nə vəziyyətlə, nə də ona yalvaranlarla hesablaşır. Doğrusu, mən türklərin Bakını silah gücünə işğal etməsindən qorxuram. Sənin başına bir iş gələcəyini düşünərək titrəyirəm. Bahadır xan Leyla xanımın əlini sığallayaraq dedi: – Mənim ruhum, sən boş yerə bu müharibədən qorxursan, bu müharibə mənim taxt-tacımı möhkəmlədən bir müharibədir. Mən buradan zəfərlə qayıdacağam. Londonda kral həzrətlərinin əlini öpüb məmləkətimə qayıdacağam. Atam qocaldığı üçün hökuməti mən idarə etməyə başlayacağam. Leyla nazlanaraq məhzun bir səslə danışdı: – Səni müharibəyə buraxmayacağam! İndi ki, sənin taxtın, tacın, səltənət və həşəmətin vardır, bu qorxulu vəzifəni birdəfəlik buraxa bilməzmi idin?! – Gözəl mələyim, Hindistanda belə bir adət var: böyük hökmdarların vəliəhdi, İngiltərə kralının ailəsindən sayılır. O, kral ailəsi üzvləri ilə bərabər Londonda tərbiyə olunur. Kral xanədanının nəzarəti altında təhsilini bitirdikdən sonra kralın yaveri olaraq orduda xidmətə götürülür. Xidmətdə özünü göstərdikdən sonra kral onu vəliəhd təsdiq etmək ölkəni idarə üçün Hindistana göndərir. Mənim ruhum! Mənim atamın səltənət sürdüyü Dehli ölkəsi Hindistanda ən böyük və ən məhsuldar yerdir... Bizim babamız İkinci Əkbər şahdır; 1221-ci ildə taxti-səltənətə oturmuş və 22 il hakimiyyət sürdükdən sonra vəfat etmiş və babamız Bahadır şahın məşhur məqbərəsində dəfn edilmişdir. Bundan sonra mənim babam ikinci Bahadır xan, ikinci Bahadır şah adı ilə taxta oturmuşdur. Hazırda Dehli taxtı atam üçüncü Əkbər şahın əlindədir. Atam qocalmışdır. Bu ilin yanvarında krala müraciətlə ölkəni idarədən aciz olduğunu göstərməklə mənim qayıtmağımı rica etmişdir. Kral isə bu səfərdən sonra qayıtmağıma və taxt-tac qəbul etməyimə icazə vermişdir. Mən tez bir zamanda üçüncü Bahadır şah adı ilə Dehli tac-taxtını qəbul edəcəyəm. Mənim gözəl və sevimli dostum! Hər şey öz yerindədir. Ancaq sənin bir kəlmə «razıyam» deməyin lazımdır. Leyla heyrətlə ona baxaraq dedi: – Əcəba, sən nə kimi razılıq istəyirsən? Əlim sənin ovcunda deyilmi? Əcəba, bu qəlb sənin qəlbinlə bir çırpınmırmı? – Bakıda islam çoxdur. Zənnimcə, bizim izdivacımızın burada hacının əli ilə baş tutması daha əlverişlidir. İzdivacımızın burada baş tutmasının bir əhəmiyyəti də bundadır ki, biz atamı əmri-vaqe qarşısında qoya bilərik. Leyla sual verdi: – Sən hansı əmri-vaqe haqqında danışırsan?! – Hindistanda belə bir adət var. Hökmdarların vəliəhdi, hökmdar qızlarına evlənməlidir. Mən isə çoxdan belə çürük adətləri pozmaq istəyirəm. Hərgah biz burada evlənib Londona getsək, Londondan kralın icazəsi ilə Hindistana qayıdarıq. Bahadır xanın bu sözlərində, Leyla xanım vəziyyətini dəyişməyərək dedi: – Mən heç də buna e'tiraz etmirəm! Gec-tez bu izdivac baş tutmalıdır. Lakin bu barədə tələsməyimiz lüzumsuzdur. Əvvələn, mənim əmim Nurəddin yaxınlarda ölmüşdür. İkinci də, mənim qardaşım yerində olan doktor Yusifidis burada yoxdur. Bir də, sən hələlik cəbhəyə gedirsən. – E'tirazım yoxdur. Mən sənin əski fikrində qaldığını yəqin edə bilsəydim öz vəzifəmi gözəlcəsinə bitirər, dediyin vaxta qədər də tələsməzdim. Leyla qəti dedi: – Mən sənə verdiyim sözə sadiqəm! Sözümü heç bir zaman geri götürməyəcəyəm. Səninlə Hindistana gedəcəyimə əmin ola bilərsən. Bu sözdə Bahadır xan Leyla xanımın əlini öpdü. Gecə saat dördün yarısı idi. Hacının qapısında bir minik, iki yük maşını dayandı; minik maşınında şahzadə Bahadır xan əyləşdi; yük maşınlarında da 40 nəfər ingilis saldatı oturdu. Şahzadə son dəfə Leyla ilə vidalaşıb cəbhəyə getdi. Gecə saat dördə beş dəqiqə qalmış hacının evi ilə cəbhə arasındakı telefon rabitəsi düzəlmişdi. Leyla xanım yenə adəti üzrə aparat başında oturub, Türkiyə əks-kəşfiyyatı ilə danışırdı: «Hacı Zeynalabdin Tağıyevin evidir... Bəli... xaricdə nömrə 11, daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55... Dolmabaça 16... dinləyin! Şifahi nömrə 3. Saat dördə on beş dəqiqə qalmış şahzadə Bahadır xan bir minik, iki də yük maşını ilə Palçıq vulkanı cəbhəsinə yola düşdü. Şimali Stafford alayından 40 nəfər saldat və beş də pulemyot apardı. 26 Komissarlar həbsə alınmış və aparmaq istədikləri ləvazimat müsadirə edilmişdir». * * * XXVII. «General Denster-Vil gəlir» İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı. Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi. Ənzəlidə oturan Denster-Vil öz ərkani-hərbinin Bakıya köçürülməsini faydasız bilsə də, bir neçə gündən sonra ricət edəcəyini yəqin etsə də, yenə Bakıya köçməyə və vəziyyəti yaxından öyrənməyə məcbur idi. Çünki avqust ayının 16-da Bağdaddan və 17-sində Londondan aldığı təcili telegramlarda, onun Bakıya köçməsi və Bakıda ingilis qoşununa şəxsən komanda etməsi tapşırılırdı. General Bakıya köçmək üçün ən böyük sürətə malik olan «Prezident Kryuker» gəmisini seçmişdi. Denster-Vili Bakıya gətirən gəmi, avqustun 18-də, axşam saat 18-də Nargin adasına yaxınlaşırdı. General Bakını dənizdən seyr etmək üçün gəmini yavaş sürməyi əmr etmişdi. Həris ingilis generalı, gəminin göyərtəsində Bibiheybətdə görünən buruqları udmaq və neft kralı Deterdinqə hədiyyə aparmağın mümkün olub-olmadığı haqqında düşünürdü. General əlindəki foto-aparatla Bayıl-Bibiheybət rayonunun şəklini aldı və yanındakı yaverinə verib dedi: – Çox ehtiyat və səliqə ilə bunların surətini alarsan. Bunlardan bir nüsxə müstəmləkə nazirinə, birini maliyyə nazirinə, üçüncü nüsxəni isə Deterdinq cənablarına göndərərsən. Gəmidəki radio general Denster-Vilin telegramını hava dalğaları vasitəsilə London saraylarına verir və İngiltərə imperializminin illərdən bəri düşündüyü arzuların həyata keçdiyini deyirdi: «18 avqust. Saat 18—12 dəqiqə. İngiltərə bayrağı altında üzən «Prezident Kryuker» gəmisi, Eyfel qülləsinə bənzəyən minlərcə neft buruqları yanından keçib, Mazut şəhərinə yanaşmaqdadır. Hazırda gəmimiz bolşevikləri Həştərxan şəhərinə aparan və dənizdə Mərkəzi Kaspi Diktaturasının göndərdiyi «Ərdəhan» hərbi gəmisi tərəfindən 26 Komissarlarla bərabər həbsə alınaraq, Nargin adası yaxınlığında çərkələnən 13 gəminin yanından keçir. Gəmimiz böyük bir qalibiyyətə doğru irəliləməkdədir. Denster-Vil». Lakin bu «qalibiyyətə» heç kəs inanmadığı kimi general özü də inanmırdı; bu telegramı İngiltərə mühitinə yayan hava cərəyanları da deyirdi: «yalandır!». Generalın qələmi də, kağız üzərində gəzdikdə deyirdi: «bu yalandır!». Radio aparatı başında oturan radistin barmaqları hərflərə toxunduqca səs çıxırdı: «bu yalandır!» Generalın gəldiyini xəbər verən gəmi fitləri də deyirdi: «bu yalandır!», daşnaqsütyun partiyasının ərkani-hərbi yerləşən erməni kilsəsinin təbrik üçün çalınan zəngləri də sanki deyirdi: «bu yalandır!» Gəmi körpüsündə boynunu burub duran Mərkəzi Kaspi Diktaturası üzvləri, onların ümidsiz baxışları və sükutları da deyirdi: «bu yalandır!» Qaliblərə məxsus bir təntənə ilə Bakıya gələn məğlub generalın gəmisi Qafqaz-Merkuri körpüsünə yanaşdığı vaxt miralay Keyvort generala raport verirdi: – Hər şey öz yerindədir. Şəhərdə sakitlikdir. Düşməndə aktiv hərəkət yoxdur. Cəbhələrdə seyrək atışmadan başqa bir şey yoxdur! General körpüyə çıxan kimi Leyla xanımın əlini sıxaraq dedi: – Cənab şahzadənin kefləri necədir?! Leyla xanım cavab verdi: – Cənab adyutant cəbhəyə getmişdir! General Leyla xanımın əlindən tutaraq gəzişmək istədikdə, Tiq-Çonson Mərkəzi Kaspi Diktaturası divani-rəyasətini, qoyun sürüsü kimi irəli sürüb generala təqdimlə bir-bir generalla tanış etdi. Ayollo generalı hökumət adından «xoş gəldiniz, səfa gəldiniz» kimi sözlərlə qarşıladıqdan sonra gözünü generalı gətirən gəminin qapısına dikmişdi. Oradan, ingilis saldatlarının çıxacağına ümid edirdi, lakin orada generalın yaxın adamlarından başqa bir adam yox idi. Zatən Ənzəlidə və Rəşt şəhərində ingilislərin qüvvələri də yox idi, çünki türklərin Təbriz və Savuçbulaq tərəflərində hazırlıq aparmaları, bir tərəfdən də Kiçikxanın müharibə başlamaq üçün yeni fürsət gözləməsi, ingilisləri məcbur etmişdi ki, Bakıya gətirmək istədikləri qüvvələri Qəzvində, Lahicanda, Rəşt və Ənzəlidə qoysunlar. Ayollo general ilə söhbət üçün bir saat vaxt istədisə də müvəffəq ola bilmədi. Çünki general miralay Keyvorta müraciətlə cəbhələrə getmək və vəziyyəti yoxlamaq üçün maşın istəmişdi. Buna görə də general Ayollonun ricasını rədd ilə dedi: – Bağışlayın, bu gün yorğunam, həm də axşamdır, adətimizcə ən əvvəl kazarmaları və xəstəxanaları gözdən keçirməliyəm. Söhbətimiz sabaha qalsın. O, Leyla xanımın əlindən tutaraq maşına qaldırdı, əvvəlcə özü, sonra da miralay Keyvort əyləşib yola düşdülər. Avqustun 18-də general Denster-Vil yenə də maşına oturub cəbhəni gəzməyə getmişdi. Hökumət üzvləri bu gün də generalın gəmidə olmadığını, cəbhəyə getdiyini eşidərək, rəsmi paltarlarını soyunmaq üçün evlərinə getdilər. Axşam saat altı idi. Hökumət üzvləri generalın yolunu gözləyirdi. General cəbhədən qayıdaraq, onları körpü üstündə görərkən öz gəmisinə dəvət etdi və ilk sözü bu oldu: – Əlahəzrətlər məni bağışlasınlar, cəbhədən təxirlə qayıtdığım üçün rahatsızlığınıza səbəb oldum. Lakin deməliyəm ki, cəbhələrin vəziyyəti ümidverici bir halda deyildir. Siz öz tərəfinizdən ingilislərə lazım olan yardımı verməmişsiniz. Yerli qoşunun hərbi qüvvəsi olduqca zəifdir. Siz belə qoşunlara arxalanaraq türkləri Bakıdan uzaqlaşdıra bilməzsiniz. Görünür bizim dostlarımız müharibədən və Bakı üstünə gələn ordunun nə qədər müntəzəm və itaətli bir ordu olduğundan, hətta ölümdən belə qorxmadığından xəbərdar deyildirlər. Ayollo buna cavab olaraq dedi: – Çox təəssüf edirik ki, cənab general bizim gözlədiyimizdən çox az və müdafiə üçün kifayətsiz qüvvət gətirmişdir. Bu sözlər generalın xoşuna gəlmədi və yerindən qalxaraq gəminin salonunda gəzişdi və sonra da trubkasını dişindən alıb dedi: – Mən Bakıya nə qədər qüvvə gətirəcəyim haqqında heç bir kəsə müəyyən vəd verməmişəm! Mən necə ki, Həmədanda və iki kərə də Ənzəlidə cənab Araratyana demişəm; elə də avqustun 7-də, Qazyanda rəsmən aşağıdakı cümlələri yazmışam: «Biz, Bakıya siz düşündüyünüz qüvvəni gətirə bilməyəcəyik, siz gərək özünüz də çalışasınız!» Bu sözlər, hökumət üzvlərinin gələcək haqqındakı ümidlərini qırdı. Onlar bu hökumətin bir neçə ay deyil, bir neçə gün davam edə biləcəyinə belə inana bilmədilər. Onlar düşünür, bir-birinin üzünə baxırdılar, general isə tez-tez saatını yoxlayırdı. General yerli qoşun rəhbərlərini ziyafətə dəvət etmişdi; ziyafət vaxtına az qaldığına baxmayaraq, hökumət üzvləri qalxıb getmək istəmirdi. Salonun bir tərəfində ziyafət süfrəsi hazırdı. Xörəklərin qoxusu salonu bürümüşdüsə də hökumət üzvləri yenə də tərpənmirdilər. Nəhayət, general darıxdı, bir daha saata baxaraq dedi: – Əlahəzrətləri artıq rahatsız etmək istəmirəm! Sadovski məsələni hamıdan qabaq hiss etdi və yoldaşlarına göz vurub qandırdı. Hamısı birdən qalxdı, generalın əlini sıxaraq eşiyə çıxdılar. Hökumət üzvləri körpüdən düşüb getdikləri zaman, qoşun rəhbərləri də maşınlarla gəlib gəmiyə getmək üçün körpünün qarşısında düşdülər. Ayollo gözünü ayaqlarına dikib düşündükcə yenə də Şaumyanın iyulun 26-dakı iclasda dediklərini xatırlayırdı: «Bakı Sovetinin dağılması nəticəsində siz ingilis kapitalı, ingilis təlimatçıları və ingilis avtomobillərindən başqa bir şey əldə edə bilməyəcəksiniz...». Hökumət üzvləri görürdü ki, onları saya salan və banketə dəvət edən yoxdur. Və buna o qədər sıxılmırdılar. Çünki onlar 14 gün ərzində ingilisləri yaxşıca öyrənmişdilər. İngilislər Bakıya gəldiyi gündən bəri yalnız Bakıdakı hərbi qüvvələri tanıyırdılar. Bu vəziyyətlə də sanki Mərkəzi Kaspi hökuməti, ingilisləri Bakıya gətirmək üçün sağ eser, sağ daşnaq və menşeviklər tərəfindən düzəlmiş bir komissiya vəzifəsini daşıyırdı. İngilislər gəldikdən sonra isə komissiyanın vəzifəsi bitmiş və komissiya ləğv edilmiş sayılırdı. Mərkəzi Kaspi hökumətinin bütün fəaliyyəti, ingilislərin çıxardığı qərarları imzalamaqdan və iclas açaraq bütün günü nəticəsiz, qərarsız və yersiz məsələlərlə məşğul olmaqdan ibarət idi. * * * XXVIII. Cəbhədə Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi. Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı: «Mənim sevgili dostum, Leyla! Cəbhədə sakitlikdir. Gecəni sənin fikrinlə yatdım. Səni düşünürdüm. Düşmən tərəfindən bir dənə güllə də atılmadığından sənin haqqında qiymətli düşüncələrimi poza biləcək heç bir hadisə yox idi. İndi məktub yazdığım zaman cəbhədə adi həyat vardır. Saldatlarımızın ruhu olduqca yüksəkdir. Cəbhəmizin möhkəmliyi mənə böyük ümidlər verir. Bizim mövqelərimiz bir tərəfdən düşmənin tutduğu mövqelərə hakimdir. O biri tərəfdən də Bakının müqəddəratını həll edən yerlərdədir. Bütün qüvvəmiz Palçıq vulkanı cəbhəsində yerləşmişdir. Bu saat general cənabları ilə danışırdım, sənin səhhətin haqqında mənə təminat verməklə, bizi, sakitlik olsa bu axşam müvəqqəti şəhərə gəlib onunla birlikdə şam yeməyə dəvət etdi. Leyla, sən mənə ayın 14-də gecə saat dördün yarısında verdiyin sözü unutma! Mən haman sözün nəşələri ilə yaşayır və cəbhədə olduğuma baxmayaraq özümü cənnətdə hiss edirəm...» Bahadır xan hələ məktubu bitirmədən Stafford alayının «D» bölüyü komandanı kapitan Sparro içəri girib şahzadə Bahadır xanın gözləmədiyi bir xəbəri gətirdi: – Əlahəzrət şahzadəyə deməliyəm ki, Palçıq vulkanının cənub-qərb tərəflərində, düşmənin böyük hərəkəti hiss olunur. Bahadır xan durbinin dalısından çəkiləcək telefon dəstəyini götürüb general ilə danışmağa başladı: – Səhər saat 10-30 dəqiqədə, Palçıq vulkanı cəbhəsinin cənub-qərb tərəflərində düşmənin ciddi hərəkəti hiss olunur — deyə durbinlə baxmağa başladı. On dəqiqə sonra şahzadə Bahadır xan telefonda dedi: – Düşmən dörd tərəfdən hücuma keçdi. Düşmənin qüvvəsi çoxdur. Şahzadə bir neçə dəqiqə düşmənin hücum xəttinə diqqətlə baxdı: – Düşmənin son çərkələrində güclü süvari dəstəsi də irəliləməkdədir. Düşmənin qüvvəsi təxminən min nəfərə qədərdir. Düşmən şiddətli top atəşindən də geniş istifadə edir. Ətrafımızda qiyamət qopmuşdur. Şahzadə Bahadır xan dəstəyi atıb birinci, ikinci, üçüncü mövqeyə komanda verməyə və atışmaya rəhbərlik etməyə başladı. Səngərlərdən güllə dolu kimi yağırdı. Bir tərəfdən alman, digər tərəfdən ingilis silahları ilə silahlanmış adamlar bir-birinə qarşı duraraq tanımadığı, görmədiyi insanları öldürməyə, məhv etməyə çalışırdılar. Bahadır xan general ilə danışmağa başladı: – Biz top, tüfəng atəşi ilə düşmənin hücumunu dayandırdıq. Lakin bu sükut çox da uzun çəkmədi. Türklər böyük toplarla atəş açaraq ingilislərin birinci mövqeyinə hücuma başladılar. Bu müharibə şahzadə Bahadır xanın taleyini həll edəcəkdi. Bu müharibədəki qələbə onu tac-təxtində möhkəmlədəcək və Bakı ingilislərin olacaqdı. Buna görə də şahzadə Bahadır xan 1-ci, 2-ci və 3-cü səngərlərdəki qüvvələri səfərbər etməklə, qardaşlarının meyitlərini ayaqlayaraq irəliləyən türklərin beş şiddətli hücumunu dəf etdi. Lakin böyük tələfatla əldə edilən bu müvəffəqiyyət də uzun çəkmədi. Hindistan şahzadəsi, alman boyunduruğu altında irəliləyən türk paşasının «irəli!» komandasına və «hayda hücuma!» deyə qışqırmasına cavab verə bilmədiyindən, dəstəyi əlinə alaraq generalı çağırdı: – Cənab generala xəbər verməliyəm ki, düşmənin beş dəfə şiddətli və inadlı hücumunu dəf etmişdik. Buna qarşı düşmən təkrar hücumla birinci mövqeyi müdafiə edən saldatlarımızı səngərdən çıxartdı. Düşmənin tələfatı bizimkindən qat-qat artıqdır. Bahadır xan birinci səngərdən çəkilən saldatları ikinci, üçüncü səngərlərdə yerləşdirdikdən, yaralıları şəhərə göndərdikdən sonra Leylaya məktub yazmağa davam etdi: «Gözəlim Leyla! Düşmənin inadlı hücumu, məktubun təxirlə yazılmasına səbəb oldu. Səhər saat on birin yarısında başlanan hücumda düşmənin qalibiyyəti, verdiyi qurbanlar nisbətən olduqca əhəmiyyətsizdir. Məktubumun başında yazdığım bəzi vədlərə əməl edə bilməyəcəyəm. Çünki düşmənin ciddi hərəkəti vəziyyəti dəyişdi. Axşam şam yeməyinə gələ bilməyəcəyəm. Zənnimcə bu gün türklər bizimlə hesablaşmağa çalışırlar. Onlar hücum zamanı pozulmuş sıralarını düzəltdikdən və əldə etdiyi mövqeləri bərkitdikdən sonra bizim ikinci və üçüncü səngərlərimizə hücum edəcəklər. Nə olur-olsun, qəlbim səninlədir. Hələlik bu qədər, salamat qal, gözəlim, əlini öpürəm. Bahadır». 26 avqust, 1918. Bahadır xan zərfi qapayıb üstünü yazdı və şəhərdən ərzaq daşımağa gedən maşınla Leylaya göndərdi. Bahadır xan generala vəziyyəti anlatmaq üçün yenə də şəhər telefonları ilə birləşmiş səhra telefon aparatına yanaşdı. – Cənab general!—dedi.—Düşmən birinci mövqeyimizi işğal etdikdən sonra pulemyotçuları və kiçik topları o tərəflərdə yerləşdirməyə başlamışdır. Düşmənin bu hərəkəti cəbhəmizin şimal tərəfini qorxu altına alır. Vəziyyət olduqca ciddidir... Xeyr! Buraxmaq yaramaz!.. Bəli, Bakını buraxmaq deməkdir... Ola bilməz! Bu boş bir manevra deyildir... Başqa cəbhələrlə əlaqədəyəm. Kəşfiyyatçıların verdiyi məlumata görə düşmən bütün qüvvətini Palçıq vulkanı mövqeləri qarşısına toplamışdır... Bəli!.. Bəli!.. Bu mövqelərin müqəddəratı həll olmasa gerıyə, başqa mövqelərimizə çəkilməyə məcbur olacağıq. Çünki düşmənin Palçıq vulkanını işğal etmək istəməsi bütün cəbhə xəttinə qarşı çevrilmiş hərəkatdır!.. Şiddətli atışmalar başlandığını eşidərkən şahzadə Bahadır xan dəstəyi yerə qoydu, çünki cəbhə telefonu sürətli və davamlı zəng çaldı, Bahadır xan dəstəyi götürüb bir az dinlədikdən sonra dəstəyi yerə qoyub başqa dəstəyi götürüb şəhəri çağırdı: – Cənab general! Saat birin yarısıdır. Düşmən Palçıq vulkanının şimal tərəfindən inadlı hücuma başladı. Bizim top və pulemyotlarımızın dəhşətli atəş tufanına baxmayaraq, düşmən öz pulemyot və toplarını irəli sürməkdə və şimal qanadımızı döyən təpələrdə yerləşdirməyə çalışmaqdadır. Düşmən hazırlığını bitirdikdən sonra ikinci, üçüncü mövqelərə hücum edəcəyi şübhəsizdir. Bahadır xan şəhər ilə olan telefon söhbətini dayandırdı. Çünki cəbhə telefonları bir-birinin dalınca zəng çalır, Bahadır xanı çağırırdı. Düşmən yalnız şimal tərəfdən deyil, cənub tərəfdən də hücuma keçmişdi. 2-ci 3-cü mövqelər artıq atəşə tutulmaqda idi. Vəziyyət qorxulu idi. Bahadır xan generala müraciətlə: – Cənab general, vəziyyət olduqca ciddidir. Mövqelərimiz şiddətli atəşə tutulmaqdadır. Düşmən bu hücumda Binəqədi tərəfindəki təpələri əldə etməyə çalışır. Cənab general, hazırkı vəziyyətdən çıxmaq üçün Şimali Stafford alayının 60 və Varvik batalyonunun 70 nəfərlik ehtiyatını, mayor Leyin komandası ilə göndərməyinizi məsləhət görürəm. Müharibənin ən dəhşətli vaxtıdır. Zənnimcə Binəqədi kəndində yerləşən erməni batalyonunu təhkim üçün Şimali Stafford alayının bir bölüyünü göndərmək lazımdır. Bahadır xan uzun-uzadı telefonda dinlədikdən sonra yanında duran miralay Keyvorta müraciətlə dedi: – Şimali Stafford alayının bir bölüyü saat on iki on beş dəqiqədə Binəqədi kəndində duran erməni batalyonunu müdafiə üçün getmişsə də orada bir nəfər də görməmişdir. Bu bölük hazırda təpələri işğal etməkdə olan 250 nəfər türk əskəri ilə qanlı vuruşmadadır... İkinci və üçüncü səngərlərlə əlaqə kəsildi. Beş dəqiqə sonra Şimali Stafford bölüyünün bir saldatı gəldi: – Tam saat ikinin yarısında düşmən 2-ci və 3-cü səngərlərin qarşısında göründü. Siyirmə qılınc vuruşduq. Ancaq 6 nəfərimiz salamat qurtardı. Zəng vurdu. Bahadır xan dəstəyi götürüb: – Dinləyirəm!—deyə uzun-uzadı sakit durdu. Sonra da:—Palçıq vulkanı dağı hələlik tamamilə düşmən tərəfindən işğal edilməmişdir. Nə qədər ki, bu tərəflər tamamilə düşmən əlinə keçməmişdir, düşmən, qüvvəsini Binəqədi cəbhəsinə çevirməyi bacarmaz. Hər ehtimala qarşı düşmən Palçıq dağını tamamilə işğal edərsə, buradakı qüvvə Binəqədi kəndinin şimalını və Biləçəri dəmiryol stansiyası xəttini işğal edəcək və iki fasiləli xətdən ibarət cəbhə təşkil edəcəkdir. Əlaqəni möhkəm saxlayın! Şiddətli müharibələr davam etməkdə idi. Miralay Keyvort və şahzadə Bahadır xan bir an dayanmadan komanda verir və telefonla səngərlərdəki qüvvələrin möhkəm dayanmasını əmr edirdi. Müharibə türklərin qələbəsilə bitmək üzrə idi. Bahadır xan generalı bir daha səslədi: – Cənab general, kəmali-təəssüflə xəbər verməkdəyəm ki, Palçıq vulkanı tərəflərini düşmən qüvvələri aldı. Biz geri çəkildik. Hazırda tutduğumuz mövqelər xəritə üzrə Palçıq vulkanının şərqində, neft buruqları olan yerlərdir. Buranı, Varvik batalyonunun bir bölüyü müdafiə etməkdədir. Şimali Stafford alayının bir batalyonu isə, Biləçəri stansiyası sahəsinin cənub nöqtələrini işğal etməkdədir. Göndərdiyiniz Şimali Stafford alayının 60 nəfərlik və Varvik batalyonunun 70 nəfərlik ehtiyatı vaxtında gəlib çıxmadı. Mayor Leyin komandasına göndərilən Uerçestr alayının bir batalyonu tam saat dördün yarısında cəbhəyə gəldi. Binəqədi təpələrindəki müharibədə leytenant Kreka və leytenant Maqbet öldü... Şahzadə Bahadır xan generala verdiyi məlumatı bitirməmiş türklərin yeni hücumu başlanırdı. Varvik, Uerçester və Şimali Stafford alaylarının pozğun bölükləri, Palçıq vulkanının şərq tərəfindəki buruqların kölgələrində səngərləndikləri vaxt, şahzadə Bahadır xan da mazutlu bir yerə söykənərək düşünürdü. Bahadır xan müharibədəki yorğunluğu nəticəsində başı üzərindən odlu quşlar kimi uçub gedən qurşunların dəhşətini unutmuşdu. Hazırkı müharibədə basılan şahzadə məğlubiyyət sözünü ingilislərə yaraşmayan bir şey bildiyindən, bu hadisəni müvəqqəti sayır və gələcək xülyalarından daşınmırdı. O, müharibədən sonra xəyalən Londona qayıdır, müharibədə özünün namusla vuruşduğunu və kralın yavəri vəzifəsinə layiq iş gördüyünü sənədlərlə krala təqdim edir. Kral isə şahzadənin şərəfinə verilən ziyafətdə onun sağlığına piyalə qaldırır və onu təbrik etdikdən sonra şahzadənin vəliəhdliyinə aid qızıl suyu ilə yazılmış fərmanı gümüş məcməyidə gətirib ona təqdim edirlər. Şahzadə Leyla xanımın qolundan tutub səfər üçün hazırlanmış xüsusi hərbi gəmiyə əyləşir. Dehli xalqı öz şahzadəsini və öz vəliəhdinin sevgili hərəmini istiqbal edir, şahzadə sevgili hərəminin qolundan tutaraq Dehli sarayına daxil olur və bu sırada təbil və nəfirdən ibarət hind milli musiqisi çalınır. Şadlıq xəbəri Dehli şəhərinə yayılır. Şahzadə Bahadır xan on dörd qapılı sarayın birinci qapısından daxil olur, sıra ilə düzülmüş növbətçilər əllərini dizlərinə qoyaraq, baş əyirlər. Şahzadə xidmətçilər oturan dəhlizdən keçərək, əlində altun əsa tutan və başına tovuz tüklü, yanları cavahirlə bəzənmiş tac qoyan xidmətçilərin salamını alaraq, geniş və böyük bir yerə daxil olurlar. Üçüncü qapının qarşısından keçərkən, hərəm dairəsindən əllərində güllər gətirən ipək geyimli qızlar şahzadəni və hərəmini salamlayaraq gülləri onun ayağı altına tökürlər. Bu vaxt qızlar Leyla xanımın ətrafını alaraq onu hərəm dairəsinə götürürlər. Şahzadə isə üçüncü qapı qarşısında duran altun tac və altun kəmər xidmətçilərilə dayanıb Sultanın icazəsini gözləyir. Sultan eşiyə çıxaraq şahzadəni qucaqlayıb öpür, şahzadə isə torpağa yıxılaraq üzünü atasının ayaqlarına qoyduqda atası onu qaldırır və vəzirin gümüş məcməyidə tutduğu tacı şahzadənin başına qoyur... Düşmənin hücumu başlanırdı. Şahzadənin ətrafındakı cəbhə telefonları nə qədər zəng vurursa şahzadə Bahadır xandan bir cavab çıxmırdı. Miralay Keyvort hərbi nizam alaraq: – Həşəmətli cənab, düşmən şiddətli hücuma keçmişdir,—dedi,—cəbhəni saxlamaq mümkün deyil. Bahadır xan nə danışır, nə də yerindən hərəkət edirdi. Miralay Keyvort irəli gələrək şahzadə Bahadır xana diqqət verdikdə heyrət etdi: Şahzadə Bahadır xanın bir əlində məktub vardı. O biri əlilə də bir rəsmi dodaqlarına söykəmişdi. Lakin onun alnından dəyən qurşun, həm məktubu, həm də dodaqlarındakı rəsmi qızıl qana boyamışdı. Miralay Keyvort əvvəlcə məktubu açıb baxdı, məktub Leyla xanımdan idi. «Sevimli və əzəmətli şahzadəm! Sənin atəşlər, dəhşətlər və top güllələri altında yazdığın məktubu ömrümdə görmədiyim ürək çırpıntıları içərisində aldım. Açıb oxuyunca, inan ki, ömrümün yarısı puç oldu. Nəhayət, məktubdan sənin salamatlığını öyrənərək şad oldum. Şahzadə, sən müharibəni çox dəhşətli təsvir edirsən. Lakin bilməli idin ki, bu məktubu, müharibələrə, dəhşətlərə bir əyləncə kimi baxan qəhrəmanlar deyil, Leyla kimi incə və zərif qəlbə malik və sevgilisi cəbhədə bulunan bir qız oxuyacaqdır. Sən bilirsən ki, sənin başın üzərindən uçan qurşunların hər biri mənim məhəbbətlə dolu olan qəlbimi deşib keçir. Sən bilməlisən ki, sənin qarşında partlayan hər bir şrapnel, mənim istiqbalımı məhv edir. Sevimli şahzadəm, iştirak etdiyin bu dəhşətli müharibənin təsvirlərini oxumaq istərkən, daima özümü bir cəhənnəm içərisində hiss edir və dəlicəsinə bağırmaq istəyirəm. Bunlarla bərabər, sənin yazdığın qəhrəmanlıqlar, hücumları qaytarmaq işindəki məharət, mənim şərəfimi bir daha yüksəltmiş olur. Sənin namusla, qəhrəmanlıqla vuruşmağın, mənim sadə bir şahzadə ilə deyil, düşmənə arxa çevirməyəcək bir qəhrəmanla izdivac etdiyimi bütün dünyaya bildirir. Sənə öz məktubumla, son günlər aldırdığım rəsmi göndərdim. Mən, sənin rəsmini öpürəm. Ümid edirəm ki, sən də göndərdiyim rəsmi öpəcək və sevəcəksən. Qoy mənim məhəbbətlə dolu qəlbimin ifadəsi olan rəsmim səni səadətlərə və qələbələrə doğru aparsın. Leyla». Miralay Keyvort rəsmi şahzadənin əlindən aldığı vaxt Leylanın zəif çöhrəsində bir cüt qanlı dodağın iz buraxdığını gördü. * * * XXIX. Məğlubiyyətdən sonra Leyla xanımın müharibənin nəticəsindən xəbəri yox idi. O, məğlubiyyəti hiss edirdi. Fəqət verilən qurbanlar haqqında bir şey eşitməmişdi. Şimali-qərbdən gələn və şəhəri titrətməkdə olan top gurultuları sakit olmuşdu. İngilislər məğlubiyyəti ört-basdır etmək üçün küçələrə qoşun dəstələri çıxarmışdı. Onlar yenə də qalibiyyət nəğmələri oxuyaraq küçələri dolaşırdı. Lakin ingilislərin məğlub olduğunu və böyük tələfat verərək tamamilə şəhər kənarına çəkildiyini bilməyən bir nəfər də yox idi. Leyla xanım ingilislərin nə fikirdə olduğunu və Bahadır xanın ölüb-ölmədiyini bilmək üçün axşam saat 7-də ərkani-hərb yerləşən gəmiyə gəldi. O, generalı çox fikirli gördü. O, tez-tez saatına baxırdı, çünki maralay Keyvort saat yeddidə bu günkü müharibənin yekunları haqqında məruzə etmək üçün generalın yanına gəlməli idi. Keyvort gəldi. Xəritəni böyük stol üzərinə salıb məruzəsinə başladı. General xəritəni gözdən keçirərək başını tərpətdi və dedi: – Demək ki, düşmən Bakıdadır! Miralay Keyvort ingilislərin və türklərin vəziyyəti haqqında danışırdı: – Düşmənin bu günkü hücumu bizim üçün çox ağır oldu. Çoxlu qurbanlar verdik, torpaqlar itirdik. 2-ci, 3-cü mövqelərdə ancaq 6 nəfər saldat salamat qaldı. General tələsik soruşdu: – Zabitlərdən tələf olan çoxdurmu?! – Bütün zabitlər tələf olmuşlar. Bu günkü müharibədə ən böyük bədbəxtlik budur ki, əlahəzrət kralın yavəri və Hindistan taxtının varisi həşəmətli Bahadır xan həzrətlərinin də meyidi tapıldı. Bu sözdə Leyla xanım süniliklə qışqırdı və bayıldı, onu başqa bir otağa apardılar. General miralay Keyvortdan soruşdu: – Ölənlər içərisində ingilis çoxdurmu? – Xeyr! 1-ci, 2-ci, 3-cü mövqelərdə zabitlər daxil olmamaq şərti ilə 4 ingilis saldatı ölmüşdür. Bu sözdə general ah çəkərək: – İngilis olduqları üçün çox böyük tələfatdır.—dedi və yenə soruşdu:—Zabitlərdən neçəsi ingilisdir?! – Dörd nəfər cənubi afrikalı və bir nəfər Hindistanlıdan başqa, hamısı ingilisdir. General ayağa qalxdı və furajkasını çıxartdı: – Cənab Bahadır xanın faciəli ölümü haqqında Bağdada və Londona teleqram göndərin.—dedi. Yarım saatdan sonra hava dalğaları aşağıdakı teleqramı Londona və Bağdada apardı: «London, 26 avqust 1918-ci il, saat 7—51 dəqiqə. Bahadır xan, ikinci Əkbər şah və ikinci Bahadırın nəvəsi, üçüncü Əkbər şahın oğlu Dehli səltənətinin gələcək padşahı, üçüncü Bahadır şah Britaniya imperatorluğunun və vətənin əzəməti uğrunda apardığı müqəddəs vəzifə başında, avqustun 26-daki şiddətli müharibədə qəhrəmancasına öldü... Bakı, 26 avqust, saat 7—51 dəqiqə. Denster-Vil». Leyla xanımı Hacının evinə gətirdikdə, Sadovski qolunda qara atlaz, Leyla xanıma başsağlığı vermək üçün qapıda durmuşdu. Lakin Leyla xanım «rahətsizəm» deyə onu içəri buraxmadı. Heç bir kəsin içəri buraxılmamasına əmr verdikdən sonra telefon dəstəyini əlinə aldı: – Hacı Zeynalabdin Tağıyevin evidir... Bəli!.. Xaricdə nömrə 11... daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55.. Dolmabağça 16... şifahi nömrə 4. Şahzadə Bahadır xan da ölmüşdür. İngilislərin ruhu olduqca düşkündür. Onlar yerli qoşunun yardımından ümid kəsmişlər. Hazırkı mövqelərin əlverişli olmadığını general özü qeyd etmişdir. Sabah və ya iki gün sonra Bağdaddan, general Liyuin gələcəkdir. Bakını müdafiə məsələsi onunla birlikdə müzakirə ediləcək. İngilislər general gəlincəyə qədər hazırkı mövqeləri əldə saxlamağa çalışacaqlar. Onların zənnincə türklər əldə etdikləri mövqeləri möhkəmlətməmiş hücuma keçməyəcəklər. General Denster-Vil ingilislərin Bakıdan çəkilmiş planını hazırlamaqdadır. Bu axşam, yerli qoşun nümayəndələri generalın yanında çağırılmış iclasda iştirak edəcəkdir. Mərkəzi Kaspi Diktaturası üzvləri ilə ingilislər arasında gizli danışıqlar davam etməkdədir. Danışıqların gizli saxlandığına baxmayaraq mən Sadovskidən lazımi məlumatı əldə etmişəm. Bütün danışıqlar şəhəri təslim etmək və rəhbərlərin köçürülməsi barəsindədir. 26 Komissarların müqəddəratı da həll olunur. Sadovskinin dediyinə görə ingilislər 26 Komissarı Hindistana aparmaq istəyirlər. Lakin bu şayiənin əsli yoxdur. Çünki 26 Komissarı Hindistana göndərmək böyük zəhmət və vaxt tələb edir. Doktor Araratyanın ziyafətində olan danışıqlardan anladım ki, 26 Komissarın Zakaspi oblastına aparılması haqqında ingilislərlə Mərkəzi Kaspi Diktaturası üzvləri arasında müzakirə getdiyi yəqindir. Dünən Sadovski və Ayollo Bahadır xanın öldürülməsi münasibətilə baş sağlığına gəlmişdi. Mən 26-ların müqəddəratı haqqında söhbət açdım; Ayollo Sadovskidən xəbərsiz olaraq 26-ların Zakaspi oblastına aparılacağını ağzından qaçırtdı. Ayollonun dediyinə görə Zakaspi oblastında və Orta Asiyada menşeviklər hökm sürür. 26 Komissar orada mühakimə ediləcəklər. Sonradan Ayollonun səhvini düzəldərək Sadovski mənə dedi ki, bizim 26 Komissar haqqında heç bir qəti fikrimiz yoxdur. Bunların hamısı ilə bərabər 26-ları Zakaspi şəhərlərinin birisinə aparmaq barəsində ingilislərlə Mərkəzi Kaspi hökuməti arasında saziş əmələ gəlmişdir. Daşnaq rəhbərləri, menşeviklərin ingilis siyasi nümayəndəsi Tiq-Çonsonun iştirakı ilə olan ziyafətində, ingilislər getdikdən sonra daşnaq və menşeviklərin müqəddəratı məsələsi danışılmalıdır. Ziyafətdə menşeviklərin Zakaspi ölkələri, daşnaqların isə İran vasitəsilə London və sair Avropa şəhərlərinə keçməsi məsələsi də danışılmalıdır. Şimali Qafqaza getmək və çar tərəfdarları ilə əlbir işləyib Bakını türklərdən almaq fikri də vardır. İngilislər də bu fikri təqdir edirlər. Onlar yenə də Biçeraxovun qüvvəsindən istifadə etmək üçün zəminə hazırlayırlar. Onlar Bakıdakı qüvvələri, Şimali Qafqazda bolşeviklərə qarşı mübarizə aparan və çar Rusiyasını bərpa etmək uğrunda vuruşan ağ generallara qoşmaq arzusundadırlar. Lakin bilmirəm onlar Şimali Qafqaz ilə Bakı arasındakı dəmiryol xəttindən istifadə edəcəklərmi? Mən Mərdəkanda hacının ziyafətində ikən, türklərin Bakıya girmələri məsələsi haqqında mübahisə aparıldığı vaxt, hacı erməni kübarları və varlılarının mühafizə olunmasını tapşırdı, çünki mart hadisələrində erməni kübarları və zənginləri də Azərbaycan kübarları və zənginlərini qorumuşlardı. Məsləhətdirsə, türk ordusu şəhəri almamış intibahnamələr yayaraq, müsəlman burjuaziyasının erməni burjuaziyasını müdafiəsi işini qadağan etməli və bu əmrə itaət etməyənlərin cəzalanacağını bildirməli. Bakıdakı ingilis qoşunlarının komandasını Denster-Vil şəxsən öz əlinə almışdır. Bu gündən etibarən özü bütün cəbhələri gəzir və yeni təlimat verir. * * * XXX. Məktublar Bakı proletariatı fəaliyyətini dayandırmamışdı. İşçilər yenə də düşmənlərə qarşı mübarizə üçün həbsə alınan rəhbərlərdən təlimat alırdılar. Bu günkü iclasda rəhbərlərin həbsxanadan göndərdiyi məktub oxundu və gələcək xətti-hərəkət barəsində lazımi qərar çıxarıldı. İclas yenicə qurtarmışdı. Vahan ilə Raya evə gəldikdə nə Heydəri, nə də Əminəni gördülər. Əminənin anası isə müəyyən bir söz deyə bilmədi. Yarım saat keçmişdi. Vahan Əminə və Heydərin hara getdiyini bilmək üçün Rayanı evdə qoyub çıxdı. Qaranlıq idi. Boynunu zürafələr kimi mədənlər üzərindəki qara dumanlara uzadan buruqlardan başqa heç yer görünmürdü. Vahan onlara bir hadisə üz verdiyini xəyal etdi, tükləri biz-biz oldu. – Şəhərdə hərc-mərclik artdığı bir zamanda gecə evdən çıxmaq və saat on ikiyə qədər qayıtmamaq... Hər halda bir hadisə olmamış deyil,—deyə Vahan Əminə və Heydər haqqında düşünürdü. Uzaqdan iki qaraltı gördü. Vahan onlara görünməmək üçün bir buruğun dalında gizləndi. Qaraltı yaxınlaşdı. Onlar Vahan durduğu buruğun önündən keçərkən Əminə Heydərə müraciətlə dedi: – Mən bilirəm Vahan bu məktublardan nə qədər sevinəcəkdir. Vahan bu sözdə onların Heydər və Əminə olduğunu bilib şadlıqla: – Sevinərəm! Sevinərəm! Vahan buradadır. Vahan buradadır!—deyə onların qarşısına atıldı. Onlar yolda heç nə danışmadılar. Evə gəldilər. Raya və Əminənin anası beşlik lampa işığında oturub düşünürdü. Heydər əlini qoynuna uzadıb: – Vahan, məktub gətirmişəm,—dedi və məktubu çıxartdı. Məktub Həştərxandan yazılmışdı: «Əziz yoldaşım Heydər. Unudulmaz dostum Vahan, Əminəyə və anama salam söyləyin. Ölməmişəm, sağam. Hazırda Həştərxandayam. Bakıdan gəlmiş bolşevik yoldaşlarla birlikdə çalışıram. On birinci orduda xidmətdəyəm. Bakıda bolşevik hökumətinin yıxıldığını qəzetlərdən müfəssəl öyrənmək mümkün deyil. Lakin Bakıdan Həştərxana keçən yoldaşlar orada baş verən hadisələrdən bizə müfəssəl danışdılar. Burada Bakıdan gələn yoldaşlarla görüşürəm. Əlicabbar İsmayılov da buradadır. Bizə məktəbdə dərs deyir. Bu günlərdə Zaqafqaziyadan Həştərxana gələn bolşevikləri lazımınca təşkil etmək üçün «Zaqafqaziya Komissarlığı» təşkil olunur. Komissarlıq üçün yeni bina müəyyən edilmişdir. Mən də bu gün «Hümmət» təşkilatına yazıldım. Qafqazlılardan yazılan çoxdur. Bu günlər «Hümmət» təşkilatının Bakıda nəşr olunan qəzeti «Hümmət» Həştərxanda çıxarılacaqdır. Sizə müjdə verirəm. Dünən Balaqardaşdan da məktub almışam. O, bu saat Saritsın şəhərindədir. 10-cu ordunun müsəlman hissəsində qulluq edir. Ondan aldığım məktubu da göndərirəm. Həştərxan, 18 avqust. Qüdrət». Vahan və Əminə çox şad oldular. Raya Qüdrətdən alınan məktub münasibətilə Əminəni təbrik etdi. Sonra da Qüdrətin göndərdiyi və Balaqardaş tərəfindən yazılmış məktubu oxudular: «Mənim əziz dostum Qüdrət! Mən beş gün bundan qabaq Saritsın şəhərinə gəldim. Məqsədim Bakıya gəlməkdi. Bakıdakı Qafqaz türklərindən biri ilə görüşdüm. O, Bakının Mərkəzi Kaspi hökuməti əlinə keçirdiyini və ingilislərin Bakıya gəldiyini söyləyərək, mənim Bakıya getməyimi məsləhət görmədi. İki gün sonra haman yoldaş məni özü ilə bir tatarın evinə qonaq apardı. O məni ev sahibi ilə tanış etdikdən sonra məlum oldu ki, ev sahibi yoldaş Murtazin, 10-cu ordunun müsəlman hissəsi siyasi şöbəsinin rəhbəridir. Haman yoldaşla Murtazinin evinə bir neçə dəfə getdik. Mən yoldaşımın vasitəsilə 10-cu ordunun siyasi şöbəsində xidmətə götürüldüm. Partiyaya daxil olmuşam, sənə də məsləhət görürəm, partiyaya daxil ol! Sənin Həştərxanda olduğunu, tanış olduğum bir yoldaş mənə dedi. Çünki o, Həştərxandan tez-tez məktub alır. Balaqardaş». Bu məktub yenicə oxunub qurtarmışdı. Eşikdən pəncərəni yavaşca döydülər. Heydər qalxıb eşiyə çıxdı, bir az sonra qayıdıb Vahanı çağırdı. Bir azdan sonra Vahan əlində Esterin məktubunu gətirdi. Son günlər Raya Esterdən gələn məktublarla çox maraqlanırdı. Məktubu oxudular. «Əziz dostlarım Vahan və Raya! Bu məktubum sizi şad etməyəcəkdir. Lakin yenə də vəziyyəti yazmağa məcburam. Əziz dostlarım, Bakını yeni bir fəlakət gözləyir, görünür ki, ingilislər Bakını başlı-başına buraxıb getmək istəyir. Mən son günlər hər işi öyrənə bilirəm. Çünki miralay Keyvort bütün boş vaxtlarını bizdə keçirir, yeməyi-içməyi də buradadır. Aldığım məlumata görə, 26 Komissarı Zakaspiyə aparacaqlar. Hökumət üzvləri ilə ingilislər arasında bu barədə saziş əmələ gəlmişdir. Vahan! Türklər gəlir. Mən bilirəm ki, Leyla səni də, Rayanı da tapdırıb məhv etdirəcəkdir. İndiyə qədər o, ingilislərdən qorxurdu. Çünki ingilislər səni, yaxud Rayanı həbs etsəydi Leylanın özünün gizli siması ifşa oluna bilərdi. Buna görə də o, bu məsələni türklər Bakını işğal etdikdən sonra həll edəcəkdir. Vahan! Yalnız səni və Rayanı deyil, bəlkə Əminəni və Heydəri də böyük təhlükə gözləyir. Buna görə də ya Bakıdan bir tərəfə qaçmalı, yaxud Leylanın özü haqqında düşünməlisiniz. Vahan! Atam məni miralay Keyvortla Londona göndərmək və bununla da İngiltərə təbiiyyatşünası olan Banksın (Keyvortun babasıdır) tükənməz var-dövlətinə sahib olmaq xəyalındadır. Lakin mən bilirəm ki, ingilislər məzlum xalqları istismar etdikləri kimi, bu şəhvətpərəst və yalançı miralay da məndən istifadə etmək istəyir. Yalnız atamın son həmisi olan miralay deyil, Bakıdakı ingilislərin saldatından tutmuş miralayına qədər həmisi özünə müvəqqəti əyləncə üçün «sevgili» tapmışdır. Hərgah o qızları danışdırsaq görərik ki, onların hamısına, mənə deyilən sözlər deyilmişdir. Onlar ərə getmək istədikləri ingilislərin hamısı Keyvort dediyi kimi böyük şərəfə və tükənməz zənginliyə malik olan adamlar imiş. Çünki İngiltərədə məşhur və zəngin adamlar az deyildir. Bakıda saldatlar isə özünü məşhur adamlara nisbət verməkdən faydalanırlar. İndi çətin məsələ, mənim öz məsələmdir. Atam və onun həmfikirləri, tamamilə İrana köçməyə hazırlaşırlar. Atam məni də aparacaqdır. Mən miralay Keyvortla əlaqəyə girməsəm də məni Bakıda qoymayacaqlar. Qoysalar da mən özüm qala bilməyəcəyəm. Çünki türklər gəlir, atam daşnaq rəhbəri olduğu üçün mənim də adım ləkəlidir. İkinci tərəfdən də Leyla məni dinc qoymayacaqdır. Bu barədə sizdən cavab gözləyirəm. Ester». Bakı, 28 avqust. Gecə keçmişdi. Esterə müfəssəl məktub göndərməyə vaxt yoxdur. Ancaq Raya bir neçə cümlədə Esterə təsəlliverici bir məktub yazdı: «Məhəbbətli Ester! Məktubunu aldıq. Yazdığın bütün məsələlər haqqında tədbir görəcəyik. Sən o alçaq ingilis miralayına satılmayacaq və İrana da getməyəcəksən! Sənə səmimi söz verirəm. Leyla türkləri Bakıda görə bilməyəcək və bizə qarşı təşəbbüs etməyə imkan tapa bilməyəcəkdir. Ester, sən əmin ol ki, onun günahları cəzasız qalmayacaqdır. Çünki o bütün əməkçilərin, Azərbaycan xalqının düşmənidir. Raya və Vahan». 28 avqust, Bakı. * * * XXXI. Qəti vuruşmalar Avqustun 31-də başlanmış və ingilislərin tam məğlubiyyəti ilə qurtarmış qanlı müharibə, indiyə qədər tərəddüdlə danışılan ricət məsələsini çox qəti qoymuş oldu. Beş saat davam edən bu qanlı müharibə ingilislərin Bakı haqqındakı arzularını sabun köpüyü kimi puç etdi. Türklərin hücumu həm sağ, həm də sol cinahın böyük tələfatla çəkilməsinə səbəb oldu. Tam bu həlledici müharibə zamanında Bakı müdafiəsinin nə vəziyyətdə olduğunu yoxlamaq üçün Bağdaddan gələn general Liyuin də Bakıya varid olmuşdu. Top güllələrinin və şrapnellərin qəliz dumanları cəbhə ufuqundan çəkilməmiş, general Liyuin, general Denster-Vili, bir neçə nəfər ərkani-hərb zabitini yanına alıb, türklərin və ingilislərin tutduqları mövqeləri nəzərdən keçirtdi. Yenicə qayıtmışdılar, general Liyuin plaşını çıxarmadan, cəbhə haqqındakı fikrini söylədi: – Bakını müdafiə ümidləri tamamilə faydasızdır; ingilis qoşunlarını Bakıdan təcili surətdə çıxarmaq lazımdır. Müharibəni davam etdirmək, ingilis qoşunlarını qırdırmaq və düşmənə şəhəri silah gücünə almaq üçün və intiqam almaq üçün bəhanə vermək deməkdir. İndi türklərin tutduğu mövqe ingilislərin və yerli qoşunların hücumuna imkan verməyən mövqelərdir. Yerli qoşun və ingilis qoşunları nə qədər qüvvətli olur-olsun, onların başladıqları hər bir əks-hücuma müvəffəqiyyətsizliyə uğramış olacaqdır. Bakı əski Şərq şəhəridir, barrikada müharibələri üçün olduqca əlverişlidir. Türkləri şəhərin içərisinə çəkib onlara qəti zərbə vurmaq və püskürtmək də mümkündür. Lakin yerli xalqın ruhu buna imkan verməz. Biz düşmənlə vuruşduğumuz yerdə, yerli xalqın arxadan bizə hücumu mümkündür. Onda bizim şəhər içərisindəki müharibəyə sərf etdiyimiz vaxt, qoşunların və bizim dostlarımızın şəhərdən çəkilmək imkanını azaldır. Buna görə də yersiz qan tökməmək üçün, türklərlə müharibəni dayandırmalıyıq. Bu müharibə müttəfiqlərin ümumi qələbəsinə qədər dayandırılmalıdır. Çünki müttəfiqlərin qələbəsi şübhəsizdir. Mən əvvəldən də Bakı səfərinə tərəfdar deyildim. Çünki bütün məsələlər Almaniya cəbhəsində həll ediləcəkdi. Siz, bu gündən etibarən məsuliyyəti öz üstünüzdə qoymamaq üçün ingilis qoşunlarının Bakıdan çıxmalı olduğunu Mərkəzi Kaspi hökumətinə xəbər verməlisiniz. Qoy onlar öz başlarının qeydinə qalsınlar. Qoy bizim qoşun çəkilən yerləri öz yerli qüvvələrilə doldursunlar. General Liyuin sözünü bitirdikdə, Denster-Vilin ağzındakı trubkadan qalxan tüstü artıq ona Qaraşəhərdəki zavod bacalarından çıxan tüstülərin verdiyi nəşəni vermirdi. Bakı neftini ingilislər əlinə keçirmək üçün xüsusi tapşırıqla Hindistandan çağırılan və yol uzunu düşündüyü planları həyata keçirməyə imkan tapa bilməyən general, çubuq tüstüsündə ancaq öz taleyinin şərəfsiz təsadüflərini görür və sıxılırdı. Sanki halqalanıb çubuqdan qalxan tüstü, ingilis hərislərinin ağzı qədər genişlənir və generala istehzalı gülüşlər yağdırırdı. General dişində tutduğu bu çubuğu avqustun 18-də saat 18—12 dəqiqədə Bakı limanında ikən tam başqa şəkildə görmüşdü. Müştüyü Bakı-Batumi neft kəmərinə, başı Qaraşəhər və Ağşəhər neft və mazut çənlərinə bənzəyən çubuq, 13 gün əvvəl Bakı neftini sorub Denster-Vilin qarnına doldurmaqla ona nəşə verirdi. Bu gün isə qəliz tüstülər ilə generalın ümidsizlik və həsrətlərdən doğan ahlarını andırırdı. General ayın 18-də London və Bağdada göndərdiyi teleqramın məzmununu bir daha xəyalından keçirtdi: «18 avqust, 18—12 dəqiqə. İngiltərə bayrağı altında üzən «Prezident Kryuker» gəmisi, Eyfel qülləsinə bənzəyən minlərcə neft buruqları yanından keçib neft şəhərinə yanaşmaqdadır...» Generalın dalğın göz bəbəkləri məğlubiyyətdən qorxmuş gözlərinin halqasında. Xəzər limanından cənuba doğru hərəkətə hazırlaşan «Prezident Kryuker» gəmisi üzməyə başlamışdı. General Londona və Bağdada vurduğu teleqramdan birini də xatırladı: «Dünyada Xəzər dənizi birincidir ki, orada İngiltərə bayrağı daşıyan gəmi üzməmişdi». Bu düşüncələr təsirindən general trubkanı stol üzərinə ataraq qələmi əlinə alıb yazdı. «Mərkəzi Kaspi Diktaturası divani-rəyasətinə Həşəmətli cənablar! Bu gün Bağdaddan yeni təşrif gətirmiş general Liyuin cənabları ilə bərabər hərb cəbhələrini gəzib vəziyyəti gözdən keçirtdik. Cənab generalın Bakının müdafiə haqqındakı fikrini demək və gələcək məsələlər barəsində məsləhətləşmək üçün əlahəzrətlərin «Yevropa» otelinə təşrif gətirmələrini rica edirəm. Vaxtı itirməmək üçün əlahəzrətləri bir saatdan sonra oteldə gözləyəcəyəm. Denster-Vil». Bakı, 31 avqust. Mərkəzi Kaspi Diktaturası üzvləri tez gəlmişdilər. Müşavirəyə Sadovski, Elçiyan, Ayollo, Velonts və diktaturanın hərbi naziri general Baqratuni gəlmişdi. Diktatura bu müşavirədən müsbət bir nəticə gözləmirdi, üzvlər, generalın xeyir xəbər verməyəcəyini əvvəldən bilirdilər. Generalın mindiyi maşının siqnalı eşidildi, bir dəqiqə sonra o, adəti üzrə qısa və sürətli addımlar ilə salona girdi. O, hamı ilə əl verib görüşdükdə barmaqlarındakı kiçik damarlar saat əqrəbi kimi döyünür və dəhşətli xəbərlər söyləyirdi. General sözə başladı: – Çox təəssüf edirəm ki, əlahəzrətləri təmin edəsi bir söz deyə bilməyəcəyəm. Mən dünən, Bağdaddan yeni təşrif gətirmiş general Liyuin ilə hərb cəbhələrini gəzdim. Biz belə bir qərara gəldik ki, Bakının müdafiəsi işi ümidsizdir, çünki 31-də olan beş saatlıq müharibə, Bakının taleyini türklərin xeyrinə həll etdi. Bundan sonra müharibəni davam etdirmək mümkün deyildir. Buna görə də mən, əlahəzrətlərə kəmali-təəssüflə xəbər verməliyəm ki, şəhərin müdafiəsini davam etdirmək, insanları qırdırmaqdan başqa bir nəticə verməyəcəkdir. Hər vuruşmada mənim saldatlarımın qəhrəmanlığına baxmayaraq, türklər üstün gəlirlər. Mən artıq öz saldatlarımın qanı tökülməyə imkan verməyəcəyəm. Bu gecədən etibarən qoşunlarımı Bakıdan çıxaracağam. Bunu sizə xəbər verməkdən məqsədim odur ki, vaxt ikən, biz boşaltdığımız mövqeləri, siz öz qüvvənizlə möhkəmlədəsiniz. Mən məsləhət görürəm ki, növbə ilə nitq deməyi buraxınız, cürbəcür qətnamələr çıxarmağı atınız, bu saatda türklərin yanına sülh nümayəndəsi göndəriniz. Siz təcili surətdə türklərin nə şəraitlə sülh edəcəyini soruşarsınız. Ancaq bununla da siz qadın və uşaqları şəhərdən çıxara bilərsiniz. Generalın bundan sonrakı sözlərini Mərkəzi Kaspi Diktaturası üzvləri eşidə bilmədilər. Çünki onların bəziləri qorxusundan, bəziləri də acığından çaşmış və özündən çıxmışdı. Ancaq hərbi nazir Baqratuni özünü toplayıb danışdı: – Mən ingilislərin, elə də bizim çıxılmaz vəziyyətdə olduğumuzu bilirəm və cənab generalın bütün dediklərini təsdiq edirəm. Onu da demək istəyirəm ki, ingilislər çəkildikdən sonra yerli qoşun onları əvəz edə bilməyəcəkdir. Çünki hər kəs ağzını bir tərəfə tutub gedir. Bolşeviklər iş başından çəkildikdən sonra yerli qoşunun intizamı tamamilə pozulmuşdur. Bunlara baxmayaraq mən cənab generaldan rica edirəm ki, Bakını boşaltmaq işində çox da tələsməsinlər. General bu sözlərə cavab da vermədi. Mərkəzi Kaspi Diktaturası üzvləri yenə də növbətlə nitq deməyə başladılar. General bu nitqləri dinləmədi. Ancaq: – Mən gedirəm,—dedi,—siz yaxşı fikirləşin. General çoxdan çıxıb getmişdi. İclasdakı menşevik, eser və daşnaq nümayəndələri kefləri istəyən qədər danışırdı. Hər kəs öz bildiyini danışırdı. Danışmaq bacarmayan və sözü olmayanlar isə əl qaldırıb söz alır və: – Mən də filan ağanın dediyinə şərik oluram—deyirdi. Bəziləri də şüar atırdı: – Biz Bakını son damla qanımıza qədər müdafiə edəcəyik, yaşasın Mərkəzi Kaspi Diktaturası! Bir neçə saatdan sonra ingilis generalı Denster-Vil iclasın nəticəsini bilmək üçün təkrar maşına oturub iclasa gəldi. Hələ nitqlər davam edirdi. Yenə də hökumət qəti bir qərara gəlməmişdi. Nəhayət, iclas uzun çəkdiyi üçün hərbi nazir Baqratuni danışdı: – Ağalar! Danışıqlara nəhayət verməliyik. Burada eşitdiyimiz sözləri dönə-dönə eşitmişik. Yaxşı olardı ki, bu günkü iclasda bir qərar çıxaraydınız. Baqratuni sözü qəti qoyduqdan nitqlərin vaxtı qismən qısaldıldı. İki kərə danışanlara üçüncü kərə söz verməmək qərara alındı. Hamısı sözünü bitirdikdən və bir sözü on dəfə təkrar etdikdən sonra ingilis generalına bir etiraz məktubu yazmağı qərara aldılar. Məktubu düzəltmək Sadovski və Ayolloya tapşırıldı. Velonts isə tez-tez stenoqrafçılara müraciətlə deyirdi: – Sizə bir daha tapşırıram ki, danışılan sözlərin bir kəlməsi də stenoqramdan düşməməlidir, çünki bu günkü iclasda danışılanlar tarixi və məsuliyyətli sözlərdir. Baqratuni dedi: – Bu sözlər yüzlərcə iclasda deyilənlərin təkrarıdır! Bu günkü iclasın stenoqramı əvəzinə, istədiyiniz iclasın stenoqramını ala bilərsiniz. İclasdakıların heç birisinə yerindən qalxmaq imkanı vermədilər, çünki Ayollonun təklifinə görə ingilis generalına yazılan etiraz məktubu, ümumi iclasda oxunmalı və səsə qoyulmalı idi. Məktub yazılıb bitdi. Onu oxumaq məsələsi üzərində də uzun-uzadı mübahisə getdi. Axırda hərbiyəçilər acıqlanıb getmək istərkən, Sadovski dedi: – Ağalardan xahiş edirəm, əyləşsinlər. Məktubu oxumaq məsələsini səsə qoyacağam! Əyləşdilər. Oxumaq üçün iki nəfər namizəd göstərdilər. Ayollo və Velontsu səsə qoydular, təkliflərin ikisi də bərabər səs aldı. İki nəfər də bitərəf qaldı. Yenə də mübahisə qızışdı. Bu sırada ingilis generalı bir daha telefonla nəticəni soruşdu. Lakin məktubu oxumaq üçün heç bir kəsdə cürət yox idi. Çünki Mərkəzi Kaspi Diktaturası üzvləri bir-birinə inanmır və ingilislərə qarşı etiraz sözünü dilə gətirməyə cürət etmirdilər. Məktubun yarısını Ayollo, yarısını Sadovski oxumalı oldu: «Cənab general! Biz sizinlə hərbi müqavilə bağladıqda, Bakının, eləcə də müttəfiqlərin mənafeyi uğrunda, öhdəmizə məsul bir vəzifə aldıq. Bizim sizinlə ittifaq bağlamağımız bolşeviklərlə olan əlaqəmizə çox pis təsir etdi. Biz bolşeviklərin qoşun, ərzaq və silah yardımından məhrum olduq. Biz Rusiyanın yardımını istəmədik. Çünki Avropada sülh və salamatlığı təmin etmək və Brest-Litovsk müqaviləsi kimi təhqiredici bir müqaviləni ləğv etmək, almanların hərbi planlarını pozmağa çalışmaq üçün ingilislərlə ittifaq bağlamaq lazım idi. Hazırda cənab generalın türklərə təslim olmaq təklifini, bizim ingilislərlə olan ittifaqımızı pozduğu və Bakını təhlükə altında qoyduğu üçün biz bu təklif münasibətilə, məsuliyyəti öhdəmizdən atırıq. Mərkəzi Kaspi Diktaturası». Bakı, 31 avqust. * * * XXXII. Sentyabrın 14-də Bakı İngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi. İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi. İngilislər bu məsələnin həyata keçməsini tələsdirdilərsə də, türklər də tələsərək, Bolqarıstan müttəfiqlərdən ayrılmamış Bakı məsələsini bitirmək istədilər. İngilislər Bolqarıstan məsələsinə ümid bağlamayıb, türklərin mərkəzdə məğlub olmasına inanmasaydılar, sentyabrın 14-də deyil, avqust ayının 31-də Bakını boşaldacaq və İrana çəkiləcəkdilər. Lakin Türkiyə mərkəzdə, ingilislərin Bakıdakı məğlubiyyətindən çox sonra məğlub oldu. Sentyabrın 14-də türklər çoxdan bəri davam edən Bakı məsələsinə son qoymaq istədilər. Ayın 13-də Mərkəzi Kaspi Diktaturası üzvləri axşamdan başladıqları iclası, səhər saat dördə qədər davam etdirdilər. Nuri paşa və Mürsəl paşanın hücum əmri qoşun hissələrinə xəbər verildiyi vaxt, diktatura üzvləri də növbətlə nitqlər deyir və öz-özlərini alqışlayırdılar. Sentyabrın 14-də səhər saat dördə, Bakını titrədən dəhşətli top gurultuları iclasa yekun vurmuş oldu. İclas bitmişdi, hərbi nazir Baqratuni baş komandan Dukaçiyevdən bu telefonaqramı aldı: «Türklər səhər saat dördə, Volçı-Vorotdakı hissələrimizə şiddətli hücum etdilər. Bir neçə təkrar hücumlar nəticəsində düşmən Volçı-Vorotu almaqla çəbhəni yarmağa müvəffəq oldu. İndi bütün möhkəm təpələr düşmənin əlindədir. Düşmən mövqeləri ilə şəhərin arasındakı məsafə dörd kilometrdən artıq deyildir. Türk piyadaları, toplarını yeni aldıqları mövqelərdə yerləşdirməkdədirlər. Hazırda onlar böyük bir qüvvətlə hücum etməkdə və sol qanadımıza təzyiq etməkdədirlər. Müharibə xətti mərkəzi düşmən əlindədir. Buna da səbəb ingilislərin Şimali Stafford alayının çəkilməsi olmuşdur. Biz səhər saat səkkizdə bütün qüvvəmizi toplayaraq, türklərin hücumunu dayandırmağa müvəffəq olduq və Bakı qoşunu iki dəfə qəhrəmançasına əks hücum etdisə də düşməni mövqelərindən çıxarmaq mümkün olmadı. Gələcək əmrinizə müntəzirəm! General Dukaçiyev». Bakı, 14 sentyabr. Saat 11—22 dəqiqə. Hərbi nazir dəstəyi götürüb hökumət üzvlərini səsləmək və məsələni müzakirə etmək istədisə də, müvəffəq olmadı. Çünki onlar şeylərini yığışdırmaq və körpüyə qaçmaq üçün hazırlaşırdılar. Hökumət idarələrində heç kəs yox idi. Nazirlərdən başlamış kiçik polis məmurlarına qədər hamı canının qeydinə qalmışdı. Müharibə şiddətlə davam edirdi. Türk toplarının külləsi İnkiltərə ərkani-hərbi yerləşən «Yevropa» otelinə düşməkdə idi. Generalın əmrinə görə ərkani-hərb təcili surətdə gəmiyə köçdü. Lakin bir dəqiqə keçmədən ərkani-hərbin yerləşdiyi gəminin ətrafına top küllələri düşməyə, suda coşqun dalğalar və dəhşətli tufanlar yaratmağa başladı. Leyla və başqaları şəhər içərisindəki vəziyyəti tez-tez Türkiyə ərkani-hərbinə xəbər verirdi. Şəhəri başlı-başına buraxıb qaçmaq haqqındakı qərar qəti idi. Lakin bunu yerli xalqa bildirmək və qoşunları qaranlıq düşmədən hissələrdən geri qaytarmaq şəhərdə başsızlıq törədəcək və ingilislərə qarşı daxili üsyan yarada biləcək idi. Bunun üçün də İnkiltərə hərbi komandanlığı görkəm üçün şəhərə gəzmə qoşun dəstələri çıxarıb daxili asayişi bərpa etməklə bütün hərbi ləvazimatı səfərə hazırlamağa başlamışdı. Qoşun hissələri və çəbhədəki bölüklər isə gecə saat 10-da, hava qaranlıqlaşdığı vaxt gəmilərə çəkiləcəkdi. General bir gün əvvəl «Abo» və «Kursk» gəmilərinin İngiltərə qoşunlarını İrana daşımaq üçün hazır olmasına əmr vermişdi. Şəhər içərisində dolaşmaq çox da qorxulu deyildi. Çünki türklərin top atəşi müəyyən mövqeləri döyməkdə idi. Buna baxmayaraq küçələrdə çox az adam tapılırdı. Küçə dükanlarından başqa hər yer qapalı idi. Ermənilər türklərin, türklər də ermənilərin qorxusundan küçələrə çıxa bilmirdi. Yerli ermənilər neçə gündən bəri gəmilərlə İrana və Türküstana köçürdü. Lakin bu, yoxsullar üçün mümkün deyildi, çünki onlar nə pul tapa bilir və nə də gəmiyə oturmağa imkan tapırdılar. Erməni işçi və kəndlilərini daim öz xain məqsədlərinə qurban etməyə çalışan erməni burjuaziyası və onların nökərləri—daşnaq rəhbərləri Bakını çoxdan tərk edib getmiş və erməni yoxsullarını sultan ordusunun «mərhəmətinə» tapşırmışdılar. Dörd ay ərzində dörd üsuli-idarə dəyişən Bakı, yaxın gələcəyi qarşılamağa hazırlaşarkən Mərkəzi Kaspi Diktaturası üzvləri də özünün 44 günlük hökumətinə məxsus arxivini və bolşeviklər əleyhinə söylənən nitqlərin stenoqramını böyük bir torbaya yığıb tarixi sənəd kimi özlərilə aparmağa hazırlaşırdılar. Türkiyə ərkani-hərbi böyük və kiçik zabitlərinin, paşaların və şəhər komandanlığının düşəcəyi binalar vaxtında müəyyən edilmiş və telefonla Türkiyə ərkani-hərbinə bildirilmişdi. Şəhərdə çörək tapılmırdı. Ordunu təmin üçün əsas hazırlıq Mərdəkanda görülürdü. Hacının bağında başqa şeylərlə bərabər çörək də bişirilmişdi. Hacının şəhərdəki evində isə paşaların şərəfinə ziyafətə hazırlıq gedirdi. Mart hadisəsindən sonra Bakı bağlarına çəkilən xalq, şəhərə köçmək üçün araba tutur və şeylərini toplayırdı. Yerli burjua mətbuatı da gündəlik ahəngini dəyişir, ingilislərin mədhinə məxsus səhifələrdə, Alman-Türkiyə silahının qələbəsinə dair poemaları dərc edirdi. Şeyxülislam saqqalına xına yaxır, mollalar üst-başını düzəldir, məscidlərin həsirləri üzərinə gözəl xalçalar salınır, şəhər içərisindəki müsavatçılar isə milli komitənin Gəncədən Bakıya köçməsi intizarını çəkirdi. İngilislər Bakıdan çıxarkən, həbsxanada saxlanan 26 Komissar haqqında qəti tədbir görmüşdülər. Ordunu köçürmək üçün hazırlanmış «Abo» və «Kursk» gəmilərindən başqa bir də «Türkmən» gəmisi hazırlaşırdı. Bu gəmi 26 Komissarı və cəllad kimi onların başı üstə dayanan bir dəstə ingilisi, menşevik, eser və daşnaqı Krasnovodskiyə götürəcək idi. İngilislər, Çaparidze, Şaumyan, Məşədi bəy, Fioletov və onların yoldaşlarının Zakaspi çöllərində məhv edilməsi məsələsini Tiq-Çonsona və onun başındakı adamlara tapşırmışdı. Onlar həbsə alınmış Bakı bolşeviklərinin Aşqabad və Orta Asiyada ingilislərin rəhbərliyi ilə işləyən əli qanlı sosialistlərə, sadovskilərin həmməsləklərinə hədiyyə aparmağı qərara almışdı. Bu məsələ kommunaya sadiq qalan və neft buruqları arasında gizli çalışan işçilərin iclasında müzakirə edilirdi. Lakin 26-ları ingilislərin pəncəsindən qurtarmaq üçün heç bir vasitə mövcud deyildi. Bakı proletariatı Moskva və Həştərxanla əlaqə saxlamaq və işçiləri təşkil etmək, bununla da gələcəkdə Bakı proletarlarının qalib gəlməsinə çalışmaqdan başqa bir qərar çıxara bilmədi. Bakı bolşevikləri ən əvvəl, xəstə cəhətlərin islahına çalışmağı qərara aldı ki, burada vəzifə: işçilərin siyasi-sinfi düşüncəsini artırmaq, onlara menşevik və eserlərin xəyanətini bildirmək, Bakı proletariatının internasional birliyini qüvvətləndirməkdən ibarət idi. Bir sıra sinfi şüuru zəif olan işçilərin həqiqi xətti-hərəkətdən ayrılmasını və kor-korana olaraq düşmənlərə yardım göstərməsini nəzərdə tutmaqla, gizli fəaliyyətə keçən Bakı bolşevikləri, həbsxanadakı rəhbərlərdən aldıqları məktubları rəhbər tutub gələcək mübarizə yollarını təyin etməyə qərar verdi. Bakı işçilərinin vəziyyəti olduqca ağır idi. Onlar Bakı Kommunasını itirdiyi, açıq fəaliyyət imkanlarından məhrum olduğu zamanda, öz qarşısında ciddi mübarizə tələb edən yeni hadisələr görürdülər. Bu gün, ya sabah sultan ordusu şəhərə girir, heç şübhə yoxdur ki, onlar da şəhərdəki bolşevikləri təqib etməkdən, şəhərdə səpilmiş milli ixtilaf toxumlarının göyərməsinə, əvvəlkindən daha artıq alovlanmasına çalışmaqdan boyun qaçırmayacaqdı. Türklərin dalınca əksinqilabi «müsavat» hökumətinin aparatı və işçilərin qardaşlığını pozmaq üçün düzəlmiş təşkilatı Bakıya gəlməyə hazırlaşırdı. Sentyabr ayının 14-də Bakı işçiləri belə bir çətin vəziyyət qarşısında idilər. Azərbaycan işçiləri arasında işləmək, Azərbaycan kəndlilərinə öz düşmənlərini yaxşı tanıtmaq və yenicə təşkil olunmağa başlayan bəy-xan və istismarçılar hökumətini ifşa etmək, Rusiya işçilərinin qardaşlıq yardımına istinadən «müsavata» və onun arxalandığı qüvvələrə qarşı amansız mübarizə açmaq 26 Komissarın Bakı işçilərinə son tapşırığı idi. Axşam saat 6-da Raya, Vahan, Heydər, Pavluşa, Jenya, Məhəmməd, Əsgər, Qulu iclasdan çıxıb Vahanın evinə yığıldılar. Onlar Esterin təcili məktubunu oxudular: «Əzizim Raya! Vəziyyət aydınlaşdı. Bu gecə saat 12-yə qədər şəhərdə bir nəfər də ingilis qalmayacaqdır. Çəbhələr saat 10-da tərk ediləcəkdir. Şəhərdə qalan və indiyə qədər bir tərəfə gedə bilməyən bolşeviklərin siyahısı tutulur. Raya, 26 Komissarın ailəsini də böyük təhlükə gözləyir! Onlar çıxıb bir tərəfə getməlidirlər. Atam isə məni Keyvortun əlinə verməyi və özü ilə bərabər İrana aparmağı qət etmişdir. Mən isə sənin dediyin kimi hər şeyi hazırlamışam. Axşam saat 10-da sizi gözləyəcəyəm. Ester». Bakı, 14 sentyabr. Raya məktubu oxuduqdan sonra başını çevirib divardakı saata baxdı və üzünü yoldaşlarına çevirib dedi: – Yoldaşlar, vaxtdır! Bir çox yoldaşları türk paşalarının əlindən qurtarmaq üçün ixtiyarımızda olan iki-üç saatın bir dəqiqəsini belə itirməməliyik. Onlar saat səkkizdə şəhərə getmək üçün Vahanın evindən çıxdılar. Leyla bir saatdan bəri oturub düşünürdü. Onun zehnini məşğul edən iki mühüm məsələ idi. Biri özünün Türkiyə casusu və Türkiyə tərəfdarı olduğunu son saatlara qədər ingilislərə bildirməməyə çalışmaq, ikinci isə, Esteri həbsə almaq və onun vasitəsilə də Rayanı və onun birləşdiyi bolşevikləri ələ gətirməkdən ibarət idi. Qapının zəngi çalındı. Qapıçı ingilis miralay Sondersin gəldiyini bildirdi. Leyla təcili ayağa qalxaraq, çamadanı evin ortasına qoydu və şkafdakı paltarları ortalığa tökdü. Sonders içəri daxil olduqda Leyla xanımı səfərə hazırlaşan görüb dedi: – Mən də xanımın yanına bunun üçün gəlmişdim. Xanımı gəmiyə aparmaq üçün mənim öz xüsusi maşınım saat 10-da göndəriləcəkdir. Bəlkə də gəmilər saat 11-də limandan uzaqlaşdı, çünki çəbhələr tamamilə tərk olunur. Gecə türk süvarilərinin şəhərə girməsi ehtimal olunur. Leyla həyəcanlı bir vəziyyət alaraq dedi: – Aman, miralay, ehtiyatlı olun! Maşın göndərməyə lüzum yoxdur. Mənə əlli göz baxır, məni təqib edənlər fürsətdən istifadə edə bilərlər. Faytonda gələcəyəm. Ancaq məni körpüyə buraxmaq üçün vəsiqə lazımdır. Miralay Sonders razılaşdı: «İngilis dostlarını» körpüyə buraxmaq və Bakıdan qaçırmaq üçün düzəldilmiş vəsiqələrdən birisini çıxarıb Leyla xanıma verdi və dedi: – Körpünün qapısında duran mayor Leydir. O, vəsiqəsiz də sizi tanıyır. O, sonra da generalın xüsusi məktubunu çıxarıb Leyla xanıma təqdim etdi və vidalaşıb ayrıldı. Leyla generalın məktubunu açdı. «Möhtərəm Leyla xanım! Sizi gəmiyə aparmaq üçün özüm gələ bilmədim. Çünki ordunu köçürmək üçün bütün məsuliyyət mənim öhdəmdədir. Sizə özümün və ərkani-hərbi gəmisində xüsusi otaq hazırlanmışdır. İstirahətiniz təmin ediləcəkdir. Sizi köçürmək vəzifəsi miralay Sonders cənablarına tapşırılmışdır. General Denster-Vil». 14 sentyabr. Leyla məktubu stol üzərinə atdı, ortalığa töküdüyü paltarını və çamadanları götürüb yerinə qoydu. Telefon dəstəyini götürüb Araratyanın evinə zəng etdi: – Doktorun özüdürmü?.. Axşamınız xeyir olsun!.. Cənab doktor, hazırmısınız?.. Mən də hazıram! Bu saat miralay Sonders, generalın məktubunu gətirdi. Mən generalla ərkani-hərbin yerləşdiyi gəmi ilə gedəcəyəm. Mən çox arzu edərdim ki, biz birlikdə gəmiyə gedə idik. Doğrusu mən çox qorxuram, azərbaycanlılar məni təqib edir. Mən sizin yolunuzun üstündə yaşayıram. Köçüb Hacının evinə gəlin. Oradan birlikdə körpüyə gedərik. Esteri telefona çağırın!... Beş dəqiqə?!.. Eybi yoxdur... Rica edirəm Estərə mənim dilimdən salam söyləyin! Leyla dəstəyi yerinə asdı. Beş dəqiqə sonra telefon zəngi çaldı. Leyla tələsik dəstəyi götürdü. – Dinləyirəm... ay qız, harada idin?.. Vannada?.. Yola çıxmaq vaxtında da vannaya gedərlərmi!.. Ester, mən istəyirəm ki, yığışıb bura gələsiniz, birlikdə gedək. Nə üçün?.. Miralay Keyvort?.. Qoy gəlsin!.. Miralay Sonders generaldan məktub gətirmişdi. Birlikdə gedərik... Çünki mən sənsiz getmək istəmirəm. Leyla acıqlı halda dəstəyi asaraq evi dolaşmağa və öz-özünə danışmağa başladı: «Mən bu erməni qızını ələ gətirə bilməyəcəyəmmi?»—deyə otaqdan çıxdı. Salonda paşalara səhər yeməyi vermək üçün ziyafət hazırlanırdı. Hər şey öz yerində idi. Leyla hazırlıq işlərini gözdən keçirdikdən sonra şəhərin kənarında yerləşən Türkiyə ərkani-hərbinə telefon etdi. – Düz saat 10-da ingilis qoşunları çəbhəni tərk edir. Araratyanın qızını bir saat sonra həbs edəcəyəm. Onlar bu gecə ingilislərlə bərabər İrana köçür. İngilislər «Abo» və «Kursk» gəmisinə toplanırlar. Gəmilər saat 11-də Bakı limanından çıxacaqdır. Şəhər başlı-başına qalmışdır. Xalqın böyük bir hissəsi körpülərdədir. Araratyan çox tələsirdi. O, ingilislərin müsaidəsilə əlinə gələni gəmiyə daşıyırdı. Ester də öz şeylərini və zinətlərini iki kiçik çamadana doldurmaqda idi. O, heç də tələsmirdi və atasının həyəcanına cavab olaraq deyirdi: – Nə üçün də biz tələsirik? Madam ki, otağımız gəmidə hazırdır, madam ki, biz ərkani-hərbin gəmisində gedirik, daha tələsməyə nə lüzum var? Araratyan qızına nəsihətverici halda dedi: – Qızım, demirəm ki, sən ağılsız qızsan. Lakin bəzi mühüm işlərdə çox soyuqqanlı tərpənmək də yaramaz. Özün bilirsən ki, Mərkəzi Kaspi Diktaturası üzvləri gizlənmək üçün siçan deşiyi arayırlar. Onlardan bir-ikisi gedib yerimizi tutsa nə deyə biləcəyik? İngilislər də heç vaxt onların xatırına dəyməz. Ester: – Keyvort bizə ehtiram bəsləyir, nə olur-olsun o, bizim istirahətimizi təmin edəcəkdir,—deyə Araratyanı təskin edirdi. Miralay Keyvort daxil oldu. O, Esterin getməyə hazırlaşdığını görüb həddən artıq sevindi. Çünki Ester neçə gün bundan əvvəl nə İran, nə Türküstana gedəcəyini və ancaq Bakıda qalacağını söyləmişdi. Keyvort dedi: – Gəminin hərəkət etməsinə saat yarım qalmışdır. Bir saatdan sonra şəhərin asayişini saxlamaq üçün təyin edilmiş ingilis gəzmə qoşun dəstələri də götürüləcəkdir. Şəhərdən qoşun çəkilməmiş, siz gəmiyə getməlisiniz. Bəlkə də qoşun çəkildikdən sonra iğtişaş və talan başlandı. Ester qara gözlərini ingilis miralayına çevirərək soruşdu. – Bizim gəmiyə tez getməyimizdən maraqlanırmısınız? Miralay öz hiyləgər və ingilis diplomat dilini işə saldı: – Əlbəttə maraqlanıram! Siz mənim Qafqaz səfərimdən canlı bir xatirəsiniz. Mən London xalqı arasında fəxr edəcəyəm. Mən heç vaxt iftixar etdiyim bir familiyanı təhlükə qarşısında qoyub getməyəcəyəm. Ester nazlanır və şeylərini yığmağa o qədər də tələsmirdi. O dəstəyi götürüb Leylanı səslədi. – Leyla xanım! Şeylərini faytona qoy, bizə gəl! Miralay da buradadır. Gəl!.. Gəl!.. Gəl!.. Buradan birlikdə gəmiyə gedək... Nə üçün?.. Eybi yoxdur! Faytonla gəl bizə, bir yerdə getdikdə sənin şeylərini də Hacının evindən faytona qoyub apararıq... İnana bilərəmmi? Bircə dəfə de ki, «sənin canın üçün gələrəm» mən inanım... İndi isə inandım... Tez-tez!.. Ester miralaya dedi: – İndi hər şey bitdi. Leyla xanım da bizə gəlir. Birlikdə getdiyimiz vaxt onun da çamadanlarını götürüb faytona qoymalıyıq. Miralayın gözləri işıqlandı və ümidləri canlandı; o qoynundan çıxardığı iki parça kağızı Esterə verib dedi: – Bunlar körpüyə keçmək üçün vəsiqədir. Körpünün qapısında mayor Ley duracaqdır. Onun özünə də tapşırmışam. Mən daha dura bilməyəcəyəm, çünki ixtiyarımda olan hissələrin gəmilərə yerləşdirilməsinə nəzarət etməliyəm. Keyvort Esterin əlini öpdü və eşiyə çıxdı. Ester yenə tələsmirdi. Araratyanın təkidinə, təhqiredici sözlərinə baxmayaraq, Esterin hər parça şeyi götürüb çamadana qoyması bir neçə dəqiqə çəkirdi. Qapıda bir fayton dayandı. Bu fayton Esteri götürməyə və Leylanın əmri ilə aparıb Bakı evlərinin birində həbsə almağa gələn fayton idi. Digər faytonda da Leyla xanım gəlmişdi. Leyla xanım Esteri özü ilə götürüb aparmaq üçün öz şeylərini də Hacının evindən çıxarmışdı. Çünki ingilislərin Esteri axtarmaq üçün Hacının evinə gələcəyindən qorxurdu. Leyla xanım içəri girdikdə Esteri qucaqlayıb öpdü və dedi: – Nə üçün təxir edirsiniz?! Gəmilərin hərəkətinə az qalmışdır. Bu sözdən sonra Leylanın özü də Esterə şeylərinin toplanmasına yardım etməyə başladı. Onlar şeyləri götürüb aşağı düşdüyü vaxt gəmilər də ikinci dəfə fit verib deyirdi: «Qaçmaq istəyənlər təxir etməsin!» Faytonlar bir-birinə qarışmışdı: hamı qaçır, ancaq sahilə, körpülərə doğru qaçırdı. Faytonlar erməni burjuaziyasının qapısında durub zəngin çamadanlarla yüklənib körpülərə yollanırdı. Araratyanın nökərləri şeyləri pilləkənlərdən düşürüb faytonlara yığırdı. Hamıdan sonra Leyla ilə Ester aşağı endi, qapının qabağında duran faytonçulardan biri Leyla xanıma müraciətlə dedi: – Xanım, buradayam! Buyurun əyləşin! Leyla xanım, öz faytonu zənn edərək çıxıb əyləşdi. Ester də çamadanlarını qoyub oturdu. Araratyan şeylərini iki faytona yığdı. Birində özü, o birisində xidmətçisi əyləşdi. Onların faytonları qabaqca, Leyla və Esterin oturduğu fayton isə arxada gedirdi. Bir az sonra Leyla və Ester əyləşən fayton yolunu dəyişdi. Bu yol körpüyə gedən yol deyildi. Lakin Leyla və Ester buna etiraz etmir və danışmırdı. Leylanın fikrincə, fayton onu Hacının evindən götürən faytondur ki, o, Esteri həbs etmək üçün təyin olunmuş evə aparmaqdadır. Lakin bir az sonra fayton öz yolunu yenə dəyişdi. Leyla həyəcanlandı və faytonçuya sual verdi: – Sən məni hara aparırsan? Faytonçu yavaşıdı və dedi: – Həbsxanaya! Leyla bir az sakit oldu, faytonçunun öz faytonçusu olduğunu və Esteri həbsxanaya aparmaq istədiyini zənn etdi. Lakin o yenə də bu yollardan şübhələnirdi, çünki bu yol yuxarı məhəllələrə deyil, neft mədənlərinə doğru idi. Fayton sürətini artırdı. Leyla artıq yoldan uzaqlaşdığını yəqin edərək dedi. – Qaytar!.. qaytar, deyirəm sənə!—Fayton durdu. Dalınca gələn bir fayton da onlara yanaşdı. Faytondan iki nəfər düşüb Leyla və Ester oturan faytona çıxdı. Onlar tapançalarını çıxarıb qızların köksünə dirədilər: – Susun! Yoxsa hər ikiniz öləcəksiniz! Faytonçular atları döyməyə və mədənlərə doğru sürməyə başladılar. Leyla xanım yalvarıcı bir səslə: – Mərhəmət edin! Məni haraya aparırsınız?—dedikdə Heydər cavab verdi: – Sən Rayanı göndərdiyin yol ilə gedirsən! Leyla məsələni anladı və dedi: – Mən Rayanı heç bir yerə göndərməmişəm. O, Şimali Qafqaza getmişdir. Bu sözdən sonra silahlılardan biri dilləndi: – Raya Şimali Qafqazdan qayıtmışdır. Tapançanı sənin köksünə dirəyən Rayanın özüdür! Raya, Vahan və Heydər birlikdə içəri girdi. Vahanın anası Şuşanik xala onları qarşılayıb soruşdu: – Bəs balam harda qaldı?! Bəs Esteri gətirmədinizmi? Bu halda qapı açıldı, Ester də Əminə ilə bərabər evə girdi. Şuşanik xala yüyürüb onun boynunu qucaqladı. Ester də, Şuşanik xala da ağladı. Raya Esterin əlindən tutub Vahanın əlinə verdi və dedi: – İndi nə doktor Araratyan, nə Hamazasb, nə Avetisov, nə ingilis generalı və nə də miralay Keyvort vardır. İndi bir Vahan, bir də Ester var! Yaşayın, uşaqlığın zəngin xatirələri ilə gəncliyi idraklı və şüurlu bir surətdə yaşadınız! Rayanın gözü yaşardı, qayıdıb Əminəni öpdü: – Təəssüf ki, sənin xoşbəxtliyini görmədən gedirəm!—hamı onun üzünə heyrətlə baxdı. Vahan isə onun əlini əlinə alaraq dedi: – Hara gedirsiniz? Belə qorxulu zamanda sizi heç bir tərəfə buraxmayacağam! Raya əlini atıb çamadanını götürdükdə Ester yüyürüb onu tutdu: – Söylə, Raya, söylə! Hara gedirsən? – Tiq-Çonsonun yanına! İyirmi altı Komissarın aparıldığı yerə! Tarixin qanlı romanını yazmaq üçün! Raya çamadanını qapıda duran faytona qoyub özü də oturdu. Rayanın faytonu küçələrdən ötdüyü vaxt ingilislərin son gəzmə qoşun dəstələri də şəhəri tərk edib körpüyə çəkilirdi. Küçələrdə heç kəs görünmürdü. Qaçanlar qaçmış, evində qalanlar isə qapıları bağlayıb sabahın nə xəbərlə açılacağını gözləyirdi. İngilis saldatları yalnız sahil küçələrini müdafiə edir və hər tərəfdən axıb gələnlərin vəsiqələrini yoxlayaraq, körpüyə buraxırdı. Rayanın oturduğu fayton körpü qapısında dayanarkən gəmilər də üçüncü siqnalı verirdi. Raya faytondan düşərək çamadanını götürdü və qapıya yanaşaraq mayor Leyin qarşısında durdu. Mayor Ley əvvəlcə Rayanı tanımadı və soruşdu: – Xanım nə istəyir? Raya çamadanı mayor Leyin yanındakı ingilis saldatına uzadaraq: – Al bunu, cənab Tiq-Çonsonun yanına apar!—dedikdə mayor Ley onu tanıdı və əskəri nizam alaraq: – Xanım buyura bilər!—deyə yol açdı. Tiq-Çonson əllərini dalında daraqlayıb miralay Sondersla danışır və «Türkmən» gəmisinin dənizə çıxıb-çıxmaması haqqında məlumat alırdı. Sonders dedi: – «Türkmən» gəmisi yarım saat əvvəl yola düşmüşdür. Tiq-Çonson öz ovucunda bir əl duydu və tələsik dönüb baxdıqda, Rayanı görüb heyrətlə soruşdu: – Əcəba, siz Şimali Qafqazdan gəldinizmi?! – Mən Şimali Qafqaza getməmişdim. – Bəs harada idiniz? – Həbsə alınmışdım! – Harada? – Bakı varlılarından Ağabala Quliyevin evində. – Sizi kim və nə üçün həbsə almışdı? – Türkiyə casusları! – Casusları? – Bəli, casusları! Mən məsələni sizə müfəssəl danışacağam. Rayanın çamadanını Tiq-Çonson göstərdiyi kayuta apardılar, Tiq-Çonson Rayanın məsələsini təcili generala xəbər verdi, general gəlib onun əlini sıxdı və çəkdiyi əziyyətlərə görə ona təsəlli verməyə başladı. Rayanın yanındakılar arasında miralay Keyvort da vardı. O, Esteri gözləyirdi və tez-tez: – Gəlmədi! Yubandı!—deyə körpünün qapısına baxırdı. Miralay Sondersin həyəcanı daha artıq idi, çünki Leylanı köçürmək məsələsini general ona həvalə eləmişdi. Generalın özü də tez-tez gəlib soruşurdu ki, Leyla xanım harada qaldı? Doktor Araratyan dəli olmaq və özünü dənizə atmaq dərəcəsinə gəlmişdi. O, generala müraciətlə: – Rica edirəm, gəminin beş dəqiqə təxir etməsinə icazə verəsiniz. Qızım qaldı, mən onu burada buraxıb gedə bilmərəm. General icazə verdi, lakin nə Leyla, nə də Esterdən xəbər çıxmadı. Tiq-Çonson Rayanın əlindən tutub pilləkənlərdən gəmiyə qaldırdığı vaxt, doktor Araratyan da bir ayağı körpüdə, bir ayağı da pilləkəndə dayanmışdı. Gəmilərin lampaları keçdi. Çünki Bakıdan qaçan ingilislər, «Ərdəhan» hərbi gəmisinin onları topa tutacağından qorxurdu. General balkonda durub son dəfə Bakıya baxır və öz-özünə deyirdi: – Bakıdan heç bir şey apara bilmədim! Lakin hər şeydən qiymətli olan bolşevik rəhbərlərini aparıram... * * * XXXIII. Osmanlı xəfiyyəsi Osmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi. Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər. Teymurbəy Aşurbəyovu çağırıb, möhkəm döydürdülər. Fəqət heç kəs Leyladan xəbər verə bilmədi. Teymurbəy bu işdə çalışacağını vəd etməklə müvəqqəti buraxıldı. Nəhayət, Leylanın şeylərini yoxlamaq və bir iz əldə etmək məqsədilə komissiya təyin olundu. Komissiyaya ərkani-hərb zabitlərindən süvari komandanı Nəcməddin bəy də daxil oldu. Əvvəlcə Leylaya Nurəddin bəy Savlayevdən miras qalmış çamadanları açdılar. Şeylərin içərisindəki kağızlar və vəsiqələr bir-bir gözdən keçirildi. Qalın bir kağız qoluğunu açdılar. Savlayevin qoluqdakı xatirat dəftərçəsini və gündəliklərini gözdən keçirtdilər. Burada Savlayev Nurəddin, hərbi məktəb bitirdikdən Ağcaqabul çəbhəsindəki qılınc müharibəsində məhv olduğu günə qədər başına gələnləri yazmışdı. Süvari komandanı Nəcməddin bəy sanki bu vəsiqələrdən özündə bir dəyişiklik duydu. Savlayevin şeylərinə diqqət verilməsini əmr etdi. Nəcməddin bəy şeylər içərisindən Savlayevin kiçik rəsmini götürüb çox diqqətlə baxırdı. Nəcməddin bəy fotoşəklə baxarkən, birdən-birə Ağcaqabul çəbhəsini xatırladı, o, iyul ayının 7-də Kür çayı körpüsünü əldə etmək üçün baş vermiş atlılar müharibəsini və orada qılıncla öldürdüyü kazak zabitini gözünün önünə gətirdi. Nəcməddin bəyin vücudu titrəməyə, nəzərində müdhiş bir kino lentası açılmağa başladı. O, Kür körpüsü üzərindəki müharibədə öldürdüyü kazak zabitinin öz əmisi Nurəddin olduğuna şübhələnmişdi. Nəcməddin bəy şeyləri diqqətlə araşdırmaq üçün komissiyaya bir daha tapşırıq verdi. Axtarışda Nurəddin Savlayevin polkovnik Biçeraxova yazdığı tarixi bir ərizəni tapdılar. «Cənab miralay! Mən 1918-ci il, mart ayının 20-dən etibarən, özümü çar ordusundakı vəzifəmdən azad hesab edirəm. Çar ordusunun ricəti və cənab miralayın İnkiltərə missiyası ilə hərbi müqavilə bağlaması mənim də çar ordusunda olan vəzifəmi bitirmiş oldu. Buna görə də yüksək rütbəli zabitlərin məsələsi həll edildiyi vaxt, mənim də məsələm həll edilməli idi. Hazırda cənab miralayın komandasında olan dəstənin vəzifəsi, İnkiltərə missiyası vəzifəsinə daxildir. Cənab miralaya bunu da ərz etməliyəm ki, İnkiltərə missiyasının vəzifələri sırasına daxil olmaq və ingilislərin tələblərini yerinə yetirmək, çar ordusu şəraiti içərisində çalışmaqdan qat-qat ağırdır. Mən gələcəkdə bu vəzifədə çalışacaq və vəzifəmi ingilislər dediyi kimi ifa edəcəyəmsə, mənim həyatımı yüngülləşdirmək üçün maaşım və yaşayış şərtlərim də dəyişməlidir. Cənab miralaya ərz etməliyəm ki, ingilislərə xidmət etməklə yaşamaq üçün ayda iki min manat rus qızılı lazımdır. Bu maaşım, İranda Qafqaza getdiyim zaman və ingilislərlə bərabər türklərə və sonra da bolşeviklərə qarşı hərbi hərəkətə başladığım zaman yenə dəyişməlidir. Cənab miralay mənim, öz dəstəsinə və eyni zamanda Baratov ordusunun İran və İraqdakı hərəkətinə nə qədər kömək və xeyir verdiyimi bilməmiş deyildir. Mən çar ordusunun qələbəsi yolunda bütün varlığımdan keçdim. Nəhayət, Şəhərban altındakı gecə hücumunda qardaşımı və onun qadınını öldürdüm. Cənab miralay özü bilir ki, hazırda qardaşımın yetim qızının məsarifi mənim öhdəmdədir. Mən əmin oluram ki, cənab miralay bunları nəzərə alaraq, yuxarıdan bəri göstərdiyim məsələlər barəsində sərəncam edəcəkdir. N. Savlayev Qəzvin, 29 may, 1918-ci il. Nəcməddin bəy şiddətlə ağladı və komissiya üzvlərini heyrətə gətirdi. O, ata və anasının öz əmisi Nurəddin tərəfindən öldürüldüyünü bildi. Anladı ki, Ağcaqabul müharibəsində Nurəddini özü öldürmüşdür və qeyb olmuş qız, öz bacısı Leyladır. Bunları təyin edərək dəli olmaq dərəcəsinə gəldi. Nəcməddin bəy, müharibə sənətini sevməyinə və qabaq səflərdə getməyə maraqlanmasına baxmayaraq müharibənin yaratdığı fəlakətləri və minlərcə ailələrin dağıldığını xatırlayaraq diksindi. O, hələ indiyə qədər müharibə fəlakətinin öz ailəsində törətdiyi faciələri görməmişdi. Nəcməddin bəy İstambulda hərbi məktəbdə ikən Çeçenistanda qalmış ailələrindən birisinin hərbi məktəbi qurtardığı və miralaylıq rütbəsinə çatdığını eşitmişdi. O, Qafqazın türklər tərəfindən işğalı zamanında əmisi ilə görüşəcəyini güman edirdi. Lakin müharibə Nəcməddin bəyin arzusuna müsaidə vermədi. O, öz əmisinin ölüm dəqiqələrində gördüyü kimi, bacısı Leylanın da adını itənlər sırasında oxudu. Savlayevin şeyləri siyahıya alındı, yenə də Leylanın harada olduğuna dair nişanə tapılmadı. Leylanın xüsusi sandıqçasını açdılar. Oradakı şeyləri yoxladılar. Kirmanşahdan Bakıya gəlincəyə qədər Leylaya verilən hədiyyələr siyahıya alındı. Şeylər arasında iş qoluqları və xatirat dəftərləri tapıldı. Əvvəlcə Türkiyə əks-kəşfiyyat idarəsi ilə olan əlaqəsinə dair vəsiqələr qoluqlarını götürüb kənara qoydular və xatirat dəftərlərini yoxlamağa başladılar. Dəftərlərin birində, Türkiyə əks-kəşfiyyat idarəsinə yazılmış məktubun qaralamasını tapdılar: «Mən doktor Yusifidisin mənimlə bərabər işlədiyini və iyul ayından bəri bizə böyük köməkliklər etdiyini qeydlə, onun bir çox mənfi və uyğunsuz hərəkətlərini də inkar edə bilməyəcəyəm. Onunla tanışlığımızda iş yoldaşı olduğumuza səmimi söz vermişdik. Mən onunla müsahibəliyimdə heç vaxt sevgi və ailə qurmaq söhbətləri danışmağa imkan verməmişdim. Lakin buna baxmayaraq, Yusifidis yenə də öz qısqanması ilə mənim işlərimə mane olurdu. Mən Mərkəzi Kaspi Diktaturası üzvlərindən Sadovski ilə yaxından tanışam. Onlardan lazımınca istifadə etmək mümkündür, lakin Yusifidis Sadovski ilə mənim aramda ixtilaf törədir. Buna görə də onu, ordumuz şəhəri alıncaya qədər cənab Ağabala Quliyevin bağında həbs etməyə qərar vermişəm. Bu barədə fikrinizi bilmək istərdim. Bakı, 25 iyul, 1918 Bu vəsiqə tapılandan sonra, Ağabala Quliyevi çağırdılar. Nəcməddin bəy ona sual verdi: – Doktor Yusifidis haradadır? – O, bu saat mənim bağımdadır? – Nə iş görür? – Əlində nə isə yazır. – Bəs indiyə qədər onu nə üçün buraxmamısınız? – Mənə ixtiyar verməmişlər. – Kim sizə ixtiyar verməmişdir? – Leyla xanım. – Leyla xanım haradadır? – Mən Leyla xanımla ancaq sentyabrın 12-də gündüz saat doqquzun yarısında görüşdüm. – O səni nə üçün yanına çağırmışdı? – Biz doktor Araratyanın qızı haqqında danışmalı idik. Biz o qızı oğurlamaq, onun vasitəsilə də həbsxanadan qaçan bolşevik qızı və onun əlaqədar olduğu bolşevikləri ələ gətirmək istəyirdik. – Onu ələ gətirə bildinizmi? – Xeyr! Biz əvvəlcə qızı Hacının evinə gətirməyi və orada həbs edərək yuxarı məhəllədə təyin olunmuş yerə göndərməyi qərara almışdıq. Lakin qız nədənsə Hacının evinə getmək istəmədi. Nəhayət, Leyla xanım, özü faytona oturub Araratyanın evinə getdi. – Nə üçün ora gedirdi? – Leyla xanımın əyləşdiyi fayton, öz faytonçumuz idi, fayton Leyla xanımı, erməni qızının həbs ediləsi binaya aparacaq idi. Mən ancaq bura qədər bilirəm. – Siz ayın 12-dən sonra Leyla xanımla görüşmədinizmi? – Mən ayın 14-də axşam saat səkkizdə də onunla görüşdüm. – Harada? – Hacının evində. – Siz ora nə üçün getmişdiniz? – Hacının sifarişinə görə evin hazırlığına nəzarət yetirməli idim. Çünki Hacı çoxdan bəri bağda idi. Evlərin təmizliyinə baxılmamışdı. Hacının əmri ilə anbarların ərzaqla təchizinə, bufetə aid şeylərin nöqsanlarını düzəltməyə, xüsusən möhtərəm paşaların şərəfinə ziyafət hazırlığına baş çəkməli idim. – Sonra? – Sonrasını bilmədim. Saat doqquzda erməni qızını həbsə aparmaq üçün iki nəfəri Araratyanın qapısına göndərdim. Leyla xanım qız ilə getdiyi vaxt onlar da faytona əyləşəcək və erməni qızının səs salmasına imkan verməyəcəkdi. – Sonra? – Sonra heç bir şey bilmirəm! – İndi siz, Leylanı Araratyanın evinə aparan faytonçunu və erməni qızını həbsə aparan qoçuları burada hazır etməlisiniz! Ağabala Quliyev faytonçunun və qoçuların dalınca getdikdən sonra doktor Yusifidisi Ağabala Quliyevin bağından gətirmək üçün maşın göndərildi. Ağabala Quliyev faytonçunu gətirib Nəcməddin bəyə təqdim etdi. Faytonçu heç qorxmurdu, lakin Ağabala Quliyev qorxusundan titrəyirdi. Nəcməddin bəy faytonçuya müraciətlə dedi: – Oğlan? Necə olubsa, elə də söylə! Nicat doğruluqdadır. Faytonçu papağını götürüb başını qaşıdı və komissiyaya sual verdi: – Oturmaq olar ki? – Olar! Otur. Fəqət lazımınca düşün, doğrusunu söylə! Faytonçu danışdı. – Doğrusunu axtarsanız, mənim faytonum çox qədim, çox da tarixi faytondur. Mənim faytonumu Bakıda tanımayan adam yoxdur. Mühüm işlər olanda, həmişə mənim faytonumu axtarıb tapırlar. Çünki mənim ağzım bütündür. Yanımda əlli adam öldürsələr səsi bir tərəfə çıxmaz. Budur, ağanın özü də buradadır. Bəşir bəy dəstəsi Musa Nağıyevi oğurladığı zaman mənim faytonumda apardılar. Bunlarda işim yoxdur! Bir neçə vaxt bundan qabaq, ağa gəlib mənə dedi ki, axşam saat 9-da faytonu gətirib Hacının qapısında saxlarsan, bir arvad tayfası var götürüb yuxarı məhəlləyə aparacaqsan, amma heç kəsə də bir söz deməyəcəksən. Dedim çox yaxşı, nəyimə gərəkdir. Faytonçunun peşəsi bütün keçəni ağalar üçün o tərəf-bu tərəfə arvad daşımaq deyilmi? Bu belə... Vaxtında getdim. Neçə saat gözlədikdən sonra bir rus qızını gətirib faytona qoydular. Özü də pis qız deyildi. Aparıb lazımi yerinə qoydum, qoy ağa desin, indiyə qədər bir dəfə də ağzımdan qaçırmışammı? Gərək ki, ayın 14-ü idi. Ağa buyurdu ki, yenə faytonu Hacının qapısına sürərsən. Bildim ki, yenə arvad aparmaq lazım olacaqdır. Arvadı hara aparacağımı bilirdim. Çünki o evə neçə kərə arvad aparmışdım. Müxtəsər faytonu Hacının qapısına sürdüm. Ağa məni yuxarı çağırıb bir qız göstərdi. Anam, bacım olsun, gərək müsəlman qızı idi. Ağa qızı göstərib dedi ki: «bu xanım nə desə əməl edərsən». Mən qayıdıb küçədə durdum, bir saatdan sonra oradan iki nəfər kişi çıxdı. Onlardan yarım saat sonra xanım faytona oturub dedi ki, «Stanislavski küçəyə sür!» Mən xanımın əmri ilə faytonun üstünü örtmüşdüm. Mən bir erməninin evinin qabağında faytonu saxladım. Orada tanıdığım faytonlar da var idi. Görünür ki, ev sahibi yığışıb İrana getmək istəyirdi. Yarım saat sonra qapıda duran bir nəfər gənc erməni gəlib mənə dedi xanım deyir ki, məni gözləməsin, çünki burada yubanacağam. Başqa fayton ilə qayıdaram. Mən daha nə deyə bilərdim? Atların başını çevirib qayıtdım. Onu da yadınıza salım ki, həmən gecə gəlib məsələni ağaya xəbər verdim. Vəssalam. Bundan artıq bir şey bilmirəm, inansanız da budur, inanmasanız da. Nəcməddin bəy Ağabala Quliyevdən soruşdu: – Bunun dedikləri doğrudurmu? – Hamısı doğrudur. Lakin xanımın, bunun faytonu ilə Araratyanın evinə getməyindən xəbərim yoxdur. Nəcməddin faytonçunu qaytarıb dedi: – Get! Səni yenə çağıracağam! Faytonçu baş əyib dal-dala gedib eşiyə çıxdı. Ağabala Quliyevin qoçuları içəri girdi. Nəcməddin qoçuları başdan-ayağa, parlayan çəkmələrinə qədər süzdü. Birinci qoçunu danışdırdı: – Səndən hər nə sual etsəm, gərək tamamilə doğrusunu deyəsən. Bircə kəlmə yalan desən, qıçının ətini tökdürəcəyəm. Adın nədir?! – Adım Əliabas Kəbləməhərrəm oğlu. – Hansı məhəllədə yaşayırsan? – Poxludərədə. – Savadlımısan?! – Xeyr! – De görüm uşaqlıqdan indiyə qədər nə işdə olmusan? – 15 yaşıma qədər şəhərdə konkaduran yerlərdə işlərdim. Sonra gedib vağzalda iş tapdım. – Oralarda nə iş görürdün? – İşləyirdim. – Pəzəvənk, oğlu, işin adı yoxmu? – Nə üçün yoxdur, kasıblıq edirdim. – Yahu, kasıblığını bildim. İşinin adı nə idi? – Ciblərdən pul çıxarırdım. Çamadan və xurcun götürüb qaçırdım. – Öz cibindənmi? – Xeyr, başqalarının cibini kəsirdim. – Bir kərə «xuliqanlıq və dolandırıcılıq edirdim» deyəməzmisən?! – Nə bilim, ağa. Bizdə belə deyərlər. – Söylə baxayım! Sonra nə edirdin?! – Qoçuluq edirəm. – Necə qoçuluq?! – Elə belə də, məhəllə cayılıyam. – İşin nədir? – Əvvəlcə Nəcəfqulunun dəstəsində idim. – Nə iş görürdün? – Kəndliləri soyurdum, Məşədi Nəcəfqulunun tapşırığına görə atışırdıq. – Necə adam öldürmüsən?! – Heç necə! – Nəcəfqulunun dəstəsindən niçin çıxdın? – Onun verdiyi pul məni dolandırmadı. Nəcməddin bəy ikinci qoçunu çağırdı və sual verdi: – Adın nədir? – Mənə cibkir Rəcəbli deyərlər. İndi də işim cibkirlikdir. Bir dəfə də tutulmamışam. – Çoxmu pul qazanmısan? – Bəli, çox qazanmışam. – Bəs pul haradadır? – Harada olacaq! Teymur bəyin cibində. Biz gətirdiklərimizi ona veririk. O da bizim ağzımıza hərdən-bir tulapayı atır. – Adam öldürmüsənmi? – Bəli öldürmüşəm! – İndi ikiniz də deyin görüm sizi ermənin qapısına nə üçün göndərdilər? Əliabas Kəbləməhərrəm oğlu irəli keçib danışdı: – Cənab Ağabala bizə buyurdu ki, siz haçının evindən bir erməni qızını faytona basıb yuxarı məhəlləyə aparacaqsınız. Biz haçının evinə getdik, orada gözəl bir qız bizə rast gəldi. Bizi bir otağa oturdub dedi: «Burada oturun, nə vaxt ki, sizi çağırdım, o vaxt gələrsiniz». Bizə çay gətirdilər. Adama üç stəkan şirin çay içdik, sonra yaxşı xörək də yedik. Bir az sonra qız yanımıza gəlib dedi: «İndi iş başqa cürdür. Siz bu saat gedərsiniz və Stanislavski küçə ilə Nijni Priyutski küçələrinin tinində durarsınız. Mən fayton ilə gəlib orada bir erməni evinə girəcəyəm. Siz məni gözləyərsiniz, elə ki, mən erməni qızı ilə çıxıb faytona oturdum, siz də atılıb faytona oturarsınız və tapançanı erməni qızının döşünə dirəyib çığırmağa qoymazsınız...» – Bəs nə üçün siz gedib orada durmadınız? Siz nə üçün onun dediklərinə əməl etmədiniz?! – Ay başınıza dönüm, özünüz bilirsiniz ki, orası erməni məhəlləsidir. Bizim də hərəmizin bir bölük əhl-əyalımız var. Getdik, allah eləməsin bir erməni dığasının biri pəncərədən «part!» bir güllə başımıza vurdu. Onda bizim əhl-əyalımızı kim saxlayacaqdı? Nəcməddin bəy açıqlandı və yanında duran əskərə əmr etdi: – Apar bu əclafları qayimməqama tapşır, bunların dərisini soyduracağam! Pəzəvənk oğlanları! Doktor Yusifidisi Ağabala Quliyevin bağından gətirmək üçün gedən maşın qayıtmışdı. Doktor Yusifidis qoltuğunda bir portfel içəri girərək: – Mərhəba əfəndilər!—deyərək durdu. Nəcməddin bəy: – Mərhəba, oturun!—dedi.—Söylə baxayım, siz tanış olduğunuz qız Leyla indi haradadır? – Xəbərim yoxdur. Çünki mən, iyulun 25-dən ondan ayrılmışam. Mən haman qızın əmri ilə cənab Ağabalanın bağında həbsə alınmışdım. O qız məni həbs edirkən onun tərcümeyi-halını bir roman şəklində yazmağımı əmr etmişdi. – O qız kim idi? – O qızın kim olduğu və Bakıya nə vasitə ilə gəldiyini mən müfəssəl və bədii bir şəkildə yazmışam. O qız olduqca maraqlı, tədbirli, ağıllı və ömründə səhv etməyən qədər zəkavətli bir qız idi. Əcəba, indi o Bakıda deyilmi? Nəcməddin bəy məhzun bir surətdə dedi: – Xeyr! O qız izsiz, xəbərsiz qeyb olmuşdur. Əcəba, siz ondan intiqam aldınızmı? Hərgah böylə isə yaxanızı buraxmayacağam. Yazdığınız roman haradadır? – Yanımdadır! – Bana veriniz! Doktor Yusifidis heç də vüqarını pozmadan portfelini açdı və qalın bir kitabça boyda olan romanı çıxarıb Nəcməddin bəyin önünə qoydu. Nəcməddin bəy romanı diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu: – Sən o qızla nə üçün və harada tanış oldun? Doktor Yusifidis dedi: – Bu suallar lüzumsuzdur. Çünki bu roman Leyla ilə mənim tanışlığımı və həyatımızı təsvir edir. Rica edərdim ki, Leylanı və məni tanımaq üçün bu romanı oxuyasınız. Nəcməddin romanı oxumağa başlamadan, komissiya üzvlərinə müraciətlə dedi: – Mən təklif edərdim ki, bu hərif həbsə alınsın, çünki Leylanın qeyb olmasında bunun da iştirakı vardır. Leylanın yerini söyləməyincə, biz bunu azad etməməliyik. Doktor gülümsəyərək dedi: – Əvvəla, mən Leylanın harada olduğunu bilmirəm. İkincisi də, siz məni həbsə almaq üçün səlahiyyətə malik deyilsiniz. Nəcməddin bəy və komissiya üzvləri doktor Yusifidisin üzünə heyrətlə baxıb dedilər: – Sən məhbussan! Yusifidis bir daha gülərək əlini qoynuna saldı və bir az qurdalandı, kiçik bir vəsiqə çıxarıb komissiya üzvlərinə göstərdi. «Osmanlı əks-kəşfiyyat təşkilatının 11 nömrəli vəsiqəsini daşıyan doktor Əli Yusifbəy!» * * * XXXIV. Leylanın romanı Bağdad, mart 1917-ci il. Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı. Bağdad sanki öz tarixini təkrar etdirir, daha uzaqlara baxmaq üçün ayağa qalxırdı. O, yenə də şair Əbu Nəvvasın «Bağdad gecəsi» sərlövhəli poemasını eşitmək üçün Vəliəhd sarayını arzulayırdı. Şair Əbu Lətahiyyənin Harunərrəşidə yazdığı və musilli İbrahimin bəstələdiyi rübailəri, Gülüstandan Haruna hədiyyə aparılan Qərənfil xanımın dodaqlarından dinləməyə hazırlaşırdı. Bağdad yeni bir həyəcan keçirir. Fəqət bu həyəcan, Səlamə xanımın səlis rübailərindəki bədii həyəcana heç də bənzəmir. Bağdadın mavi səmasındakı saflıq diqqəti cəlb etsə belə, yenə də o, xəlifə saraylarını gülüşləri ilə nəşələndirən Səlamə xanımın mavi gözlərini heç də əvəz edə bilmirdi. Daima sükutla axan və bununla da xəlifələrin nəzərini cəlb edən Şarüə xanımın sakit yerişini xatırladan Dəclə çayı da, əski sükutunu itirmişdi. Yaz dalğaları da Sımra xanımın Məmunları, Rəşidləri heyran qoyan göz bəbəkləri kimi ahəstə çırpınmırdı. Dəclə çayı, yenə də uzun zamanlar Şəanin xanımın saçları ilə oynayan İraq ruzigarı ilə axmaqda idi. Öz çöhrəsini Dəclənin güzgüsündə görməyə tələsən cənub ulduzları, Harunərrəşidin «Qəsri-xüld» sarayında yanan ənbərli şamları xatırlatmağa çalışsa da, müvəffəq olmurdu. Sərv ağacları arxasından ötən Əbbasə qəsrinin pəncərəsi önündə, öz sevgilisi Cəfəri gözləyən parlaq çöhrəyə tamaşa edirdi. Minarələrin bacasında səslənən ruzigar, şair Xasirin öz quranını satarag aldığı tənburun səsini təqlid edə bilmirdi. Bağdad üfüqlərindən yüksələn səslər, nə Əliyəxatunun mənsuriyə səsləri, nə də xəlifəni yuxusundan oyadan Fəridənin həyəcanlı nəfəsləri idi. Bu həyəcanlar, nə xəlifənin qucağında çırpınan Susən xanımın ürək döyüntülərinə, nə də vəliəhdin pəncəsində titrəyən Minnət xanımın keçirdiyi həyəcanlara və yaxud Dinar xanımın vəziri sərxoş pəncələrində keçirdiyi kədərli zamanlara oxşayırdı. Açıq və aydın fəzalarda hiss olunan siyasi qaranlıqlar, İraqın məhtab gecələrini qara ipəklərə bürümək istəyən qorxulu hadisələr, Əliyə xanımın alnına bağladığı qara, ipək keysübənddən də qaradır. Ruzigarın qarşısında oynamaqda olan xurma budaqları şair Əbuətahiyyənin xəlifə Rəşidə bağışladığı yelpazələri təsvir etsə də, yelpazənin kənarlarında şairin məşuqəsi Ətəbəyə yazdığı bu şeri oxuya bilmirdi: «Sənin gözəlliyin olmasaydı, Dünyada nə eşq və nə fitnə olardı». Dəclə çayının hər iki tərəfinə yayılmış Bağdad şəhəri, qarışıq səslər içərisində idi. Lakin bu səslər, vaxtilə bütün Şərq dünyasında Bağdad şəhərinə toplanan xanəndələrin səsi deyildi. Bu səslər, nə xanəndə Mərvan-ibni-Həfzənin Mehdi xəlifəyə oxuduğu mənsurəyə, nə quranı satıb tənbur alan Salimu-Xasirin hicaz muğamlarına, nə ibni-Öcəmeinin nəğmələrinə, mosullu Əqil və İbrahimin bəstələdiyi təsniflərə, nə də Dehman xanəndənin xəlifəyə oxuduğu iraq səslərinə bənzəyirdi. Məşhur ərəb məzhəkaçilərinin yumor və satirası ilə külən və Əbülhəsən Biarın həcvləri ilə qəhqəhələr yağdıran Bağdad, bu gün dodağını dodağından ayırmaq istəmirdi. Sahil boyu ağaclardan sallanan xurma salxımları, artıq Zübeydə xatunun boynundakı qırx min dinarlıq qırmızı yaqutu xatırlada bilmirdi. Cənubda, şimalda, şərqdə və qərbdə dəvələrin boynunda inləyən kiçik zənglər, Əbbasə xanımın ağ topuqlarına bağladığı zümrüd xalxalların uçundakı altun zənglərin səsini təmsil edə bilmirdi. Qeyri-adi gurultular və Bağdad fəzasını tutan, Əliyə xanımın ansamblının səslərindən alınan nəşələri unutdururdu. Abbasilərin israf, səfahət, əyləncə və şəhvətlərə tutduqları şəhərin xarabaları üzərində yaşayan osmanlılar, əski tənbəlliklərin xatirəsi ilə nazlanır və xumarlanırkən, dəhşətli bir səs onları ayağa qaldırır və mövqeyini ingilis-rus ordusuna təslim etməyə məcbur edirdi. Abbasiləri yola salan Bağdad, moğolları, iranlıları yola saldığı kimi hazırda osmanlı paşalarını da fəlakətə düçar etməkdə idi. «Darülqərar» sarayının xərabələri yanında Mosula doğru gedən paşalar, yenə də saray daşlarının üzərinə ayaq basdığı zaman, vaxtilə haman daşlar üzərində xəlifə hərəmi Zübeydənin brilyant başmaqla gəzdiyini xatırlamaqda və tarixin bu səhifələri ilə sərxoş olmaqda idilər. Hər kəs gedirdi, Mülkiyyə məmurlarından Eynəddin bəy də qaçqınlar karvanı ilə bərabər qadını və qızı ilə sınıq bir arabaya oturub çəkilirdi. Təkərli nəqliyyatla qaçmaq hər kəsə mümkün deyildi. Çünki yüz illərcə Bağdadda yaşayan osmanlılar, təkərli nəqliyyata deyil, nəqliyyat vasitəsi olaraq dördayaqlı heyvanlardan istifadə ilə kifayətlənib qalmışlardı. Araba gedir, arabada Eynəddin bəyin ailəsi ilə bərabər iki nəfər də qoca gedirdi. Onlardan birisi müharrir, digəri isə istefaya çıxmış bir türk məmuru idi. Qaçqınlar karvanı, Rəşidin vəliəhdi Əminin yaşadığı qəsrin xərabələri üzərindən keçərək şəhərin şərq tərəfində vaqe Məhzəm məhəlləsinə gəlirkən Eynəddin bəyin arabasındakı qocalar da danışır və keçdikləri xərabələrin tarixindən məlumat verirdilər. Eynəddin bəyin qızı Leyla bu söhbətlərlə artıq maraqlanırdı. Qoca bir dəri, bir sümükdən ibarət olan barmağını uzatmaqla Əminin sarayını göstərərək dedi: – Buradır! Çin dənizlərindən başlayıb Sind çayına qədər bütün şərq ölkələrinin sərvətini səfahət və israfla sərf edən binalardan biri də həmin bu saraydır. Leyla bu söhbətlərlə maraqlanır və müharriri dinləyirdi. Müharrir davam etdi: – Abbasilərin səltənəti, səfahət üzündən məhv olduğu kimi, bizim fəlakətimiz də eyni səfalət və eyni tənbəllikdən oldu. Osmanlılar öz əsaslarını xəlifələrdən qalan israf və ifratın töküntüləri üzərində qurdular. Burada hər bir paşanın bir xəlifə qədər təntənəsi var idi. Mərkəzi hökumət bu israf və ifratla mübarizə apara bilmirdi, çünki mərkəzdəkilər də özü üçün həramxanalar, çüftlüklər, təntənələr düzəldirdilər. Gördüyünüz bu sarayı Harunərrəşid öz on yeddi yaşlı vəliəhdi Əmin üçün düzəltmişdi. Harunərrəşid dövlətinin gəlirinin üçdən biri, həmin bu binada sərf olunurdu. Məhəmməd Əminin yalnız qoçxana və quşxanasını saxlamaq üçün Buxara məmləkətinin birillik gəliri sərf edilirdi. Əmin sarayının xiyabanları Xorasan, Qaşan və Türkustanın ən nəfis xalçaları ilə döşənirdi. Həramxana və saray qapılarının hamısından mavi rəngdə ipək pərdələr asılır, haşiyələrində Əbu Lətahiyə və Əbu Nəvvasın mədhiyyələri yazılırdı. Əminin həramxanasında 50 nəfər qız çalır, 50 nəfər oxuyur, 50 nəfər də oynayırdı. Bu sarayda yüzlərcə gənc oğlanları xacə edib həramxanada xidmətə götürmüşdülər. «Çərədiyə» adında düzələn gözəl oğlanların dəstəsi vəliəhdin şərab məclisini idarə etmək üçün düzəldilmişdi ki, bizim osmanlı paşaları da bunu davam etdirdilər. Gənc vəliəhdin yelpazəsini çəkmək üçün ətirə tutulmuş yüzlərcə gürcü qızları saxlanırdı. Şərqdə birinci olaraq Rəşidin gənc vəliəhdi oğlanlara qadın paltarı geyindirib oynatmış, oxutmuş və əylənmişdi. Əminin ruhunu oxşamağa, ondan böyük mükafat almağa çalışan şairlər, mədhiyyələr yazmaqla, bu günkü osmanlı şairləri və osmanlı müharrirlərinə silinməz bir irs buraxmışlar. Ortalığı sükut bürümüşdü. Arabadakılar keçdiyi küçələr və təsadüf etdiyi hadisələrlə məşğul idilər. Əski sarayların qırıq kərpiclərindən yeni Bağdad tikən, əski mədəniyyət və əski cahangirliyin sərxoşluğu ilə yatan osmanlılar yuxudan ayılmış və özünü iki tərəfdən təhlükə altında hiss edərək qaçmağa başlamışdı. Bir tərəfdən Baratov ordusu, digər tərəfdən İngiltərə ordusu osmanlı ordusunu sıxışdırır və Bağdada soxulmağa tələsirdi. Sanki hər şey təslim olur. Nayirə xanımların ud səslərini bu günə qədər mühafizə edən «Darülqərar» sarayı, Zübeydə xatunun qaşlarını andıran mina taqlar, «Min bir gecə» romanındakı əsrarəngiz otaqlar dəxi özünü təslim ərəfəsində götürdü. «Əlif Leyla» romanını doğan Bağdad, sanki ikinci bir Leylanın romanına müqəddimə yazmağa başlayırdı. Bağdadlılar yox, yüzlərcə il bundan əvvəl Bağdada gələnlər qaçır, minlərcə qaçqınların karvanı «Darüzzəhəb» sarayının tökülmüş kərpiclərini ayaqlayaraq ötürdü. Qaçanlar titrək və həyəcanlı addımları ilə minlərcə qurbanların qafa tasını andıran qırıq və miniatür, sütun başlarını fırladaraq özünə yol açırdı. Karvan «Cəfər» qəsrinin qabağından keçdiyi vaxt qoca müharrir qərbə doğru işarə edərək, barmağı ilə Leylaya göstərdi: – Baxın,—dedi,—bura da tarixi hadisələr ocağı olmuşdur. Bura Harun Xəlifənin vəziri Cəfərin qəsridir. Şairanə xəyallara dalıb dünyadan xəbərsiz qalan Bağdad, bu gün varlığını dəyişmək ərəfəsində idi. Mesopotamiya ticarətinin meydanı olan «Davud paşa» bazarı, hazırkı həyəcanın mərkəzini təşkil edirdi. Hər kəs bir söz danışırdı: – Baratovun komandası altında gələn çar ordusu Yəqubə və Şəhrəban şəhərlərini işğal edib osmanlı ordusunun Mosula doğru yolunu kəsmək istəyir. – İngiltərə ordusu cənub tərəfdən Bağdada girməkdədir. Yerlilərin nə dərdi var? Onlar osmanlıların çəkilib getməsini allahdan istəyir. – Osmanlılar gedir, Bağdaddan bəla kəsilir. – Paşaların, qayimməqam və jandarmların əlindən qurtulmağa kim sevinməz? Arabada gedənlər bu sözləri eşidib bir-birinin üzünə baxırdı. – Bizimkilər də Abbasilər kimi xəlifələr, vəliəhdlər, Ulduzlar, Dolamabağçalar, Çirağban saraylarını düzəltdilər. Onların içərisində dünyanın müxtəlif ölkələrindən gətirilən nadir gözəllər saxladılar. Sarayda Abbasilər dəskahı düzəldi, lakin saray və məmləkət ölkənin ümumi vəziyyəti, xilafətin və xilafət dairəsindəki təntənələrin yaşamasına imkan vermədi. Çünki xalq artıq sərxoşlara və qatillərə xəlifə deyə səcdə etmirdi. Biz osmanlıların indiki qoşunları da Abbasilər dövründəki kimi aciz və təşkilatsız deyildir. Bizim qadınlarla əyləncəyə və gözəl rəqqasələrə sərf etdiyimiz vaxtı və vəsaiti, qonşularımız dəmir yollar çəkməyə, texnika yaratmağa, məktəblər, universitetlər təşkilinə sərf edirdi. Bu söhbətlərdə mülkiyyə məmuru Eynəddin bəy bir ah çəkərək dedi: – Bizim bəlamız daha böyükdür! Bizim üsuli-idarəmiz heç olmazsa Abbasilərin üsuli-idarəsi kimi əhalini razı salmış olsaydı, bu tezlikdə inqiraz etməzdik. Onlar əhalinin qismən heç olmazsa, öz ehsanları ilə razı salaraq yaşamağı bacarırdılar. Biz isə bunu da bacarmadıq. Əhaliyə heç bir şey verə bilmədik. Onlara yeni mədəniyyətdən nümunələr göstərməyi bacarmadıq, çünki o mədəniyyət özümüzdə də yox idi. Biz ildə üç kərə məhsul verən İraq torpağı ilə kəndlilər və şəhərliləri tox yaşatmağı da bacarmadıq. Bizim bu fəlakətimizə səbəb olan cəhətlərin birisi də, osmanlı imperatorluğunun hər tərəfində olduğu kimi İraqda da yerlilərlə türklərin vəhdətini yarada bilməməsidir. Qalib türklər bu günkü ricətə qədər özünü hakim və ağa kimi apardı. Hazırda bizi, nə ingilislər, nə də ruslar qovur, bizi yüz illərdən bəri etdiyimiz zülmlərin nəticəsi olaraq yerli xalqın ürəyində toplanmış nifrətlər və kinlər qovmaqdadır. Biz alim və sənətkarlara qiymət qoya bilmədiyimizdən Abbasilər dövrünün tənbəllərindən çox geridəyik. Onlar bütün dünyanın alimlərini, siyasi adamlarını, şair və sənətkarlarını Bağdada topladığı halda, biz məmləkətimizin fəxri olan Midhət paşa kimi adamların başını Tayif həbsxanasında kəsib Sultan Əbdülhəmidlərə göndərirdik. Həmin uzunqulaq, at, dəvə tövləsinə yaxşı tamaşa edin! Siz bu böyük, fəqət eyni zamanda tövləyə çevrilmiş bu həqir binanın tarixini öyrənirkən Abbasilərlə biz osmanlıların nə qədər fərqli olduğunu görəcəksiniz. Bu bina Müstənsirbillah zamanında düzələn məşhur Bağdad universitetidir. Vaxtilə burada ərəb dünyasının ən məşhur alimləri toplanmış, təlim və tərbiyə etdikləri minlərcə alimləri dünyaya buraxmışdı, təəssüf olsun ki, bu universitet bizim vaxtımızda tövləyə çevrilmişdir. Osmanlılar hazırda öz at, qatır, dəvə və uzunqulaqlarını buradan eşiyə çıxarıb qaçır. Bizi düşmən deyil, öz üsuli-idarəmiz qovur. Bu ricətin qarşısını ala biləcək bir vasitə varsa, o da üsuli-idarə ilə mübarizə aparmaq və ona qalib gəlməkdən ibarətdir. Daha danışan yox idi. Arabadakıların gözləri sağda və soldakı binalara dikilmişdi. Xüsusən Leyla xanım gözlərini Bağdad saraylarından ayıra bilmirdi. «Qəsruz-zəhəb», «Qəsrul-xəzra», «Darul-qərar», «Həmid-İbni-Əbdülhəmid», «Babussəir», «Cəfər», «Tac Firdovs», «İsa», İbnülxətib», «Mötəsim», «Babut-taq», «Mehdi» və «Xuld» sarayları Leylanın nəzərindən keçdikcə ah çəkir, düşünür, lakin bu fəlakətlərin səbəbini təyin edə bilmirdi. Leylanın arabası saray bağçalıqları içərisindən keçərkən Şəmasiyanın məhəlləsinin qumlu və tikanlı çöllərinə girən zaman, Leyla özünü saxlaya bilməyərək hönkür-hönkür ağlayırdı. Bundan Leylanın anası Səfiyyə və Eynəddin bəy də təsirləndi; onlar da ağladılar. Mənsur, Müseyib, Kerx, Rəsafə məscidləri minarələrində hər günkü kimi azançılar səslənərək camaatı məscidə çağırırdı. Lakin məscidlərə gələn yox idi. Çünki əhalinin bir qismi qaçır, başqa bir qismi də ingilisləri qarşılamaq üçün ziyafət hazırlayırdı. Çoxu da qorxusundan qapıları bağlayaraq kaşı döşənmiş zirzəmilərdə gizlənmişdir. Eşikdə çox az adam görünürdü, çünki osmanlılar şəhərdən çəkildikdən sonra əhali «Şam qapısı» həbsxanalarını açıb məhbusları şəhərə buraxmışdı. Azançı təkbir səslədiyi zaman, qaçqınlar karvanı Rəşidin hərəmi Zübeydənin kaşı məqbərəsi yanından keçərək başqa küçədən axıb gələn qaçqınlara qoşulmuşdu. Bağdadın kənarından—«Bəsrə qapısı», «Kufə qapısı», «Şam qapısı» və sair tərəflərdən gələn qaçqınlar bir mərkəzə yığılır və «Samiriyyə» yolu ilə məchul bir gələcəyə doğru gedirdi. Əbu Hənifə və Şeyx Əbdülqadir məscidində çəkilən azan səsi, son təkbiri dediyi zaman, qoca müharrir açıqlanaraq siqarını əzib yerə tulladı. Bağdad minarələrindən gələn səslər, sanki minlərcə qaçqınlara dua oxuyur və onları «göylərin mərhəmətinə» tapşıraraq yola salırdı. Leyla arabadan qalxıb bir daha şəhərə baxdı və dedi: – Odur! O görünən hökumət saraylarıdır! Oralar boşaldıldımı? Leyla baxır, düşünür, köynəyinin qolu ilə gözlərini tutaraq ağlamasını gizləyirdi. Azan səsləri bitmək üzrə idi. Lakin bu səslərə etina edən yox idi, xalq məscidlərdən nicat gözləmirdi. Çünki məscid, həmişə camaatı aldatmışdı, kimsəyə nicat verməmişdi. Buna görə də qaçqınlar nicatı ancaq nəqliyyat vasitəsində və qaçıb qurtarmaqda görürdülər. Onlar yalnız ruslar və ingilislərdən deyil, yerlilərdən də qorxurdular. Çünki bir neçə gündən bəri yerlilərin qaçqınlara hücum edəcəyi haqqında bütün şəhərə şayiələr yayılmışdı. Qaçanlar Bağdaddan kənara çıxmışdılar. Uc-bucağı olmayan, Əşkanilər paytaxtı olan «Dəstkürd» xərabələri içərisindən ötürdülər. Günəş çoxdan İraqın qumlu təpələrində göyərən müğilan tikanları arxasında gizlənmişdi. Uzun zəncir həlgəsi kimi bir-birinə bağlı kimi görünən adamlar sakit yeriyirdilər. Heç bir hənirti yox idi. Milçək uçsa eşidilərdi. Adamlar yumşaq qumlar üzərində gedirdilər. Uşaqlar yatmış, böyüklər isə dəhşət və heyrət dənizinə düşüb boğulmuşdu. Eşidilən bir səs varsa, o da çağqalların ulaşması idi. Leyla başını anasının çiyninə söykəyib yuxulamışdı. Abadanlıq əlaməti yox idi. Hər kəs addımını bilmədiyi, tanımadığı yerə qoyur və təsəvvür edə bilmədiyi məchul bir aləmə doğru gedirdi. Dəstənin önündəkilər kimsədən soruşmadan qaçır və rusların hərəkət xəttindən kənara çıxmağa tələsirdi. Onların arxasınca gedənlər isə, Samiriyyə yolu ilə getdiklərini düşünürdülər. İraqın üfüqləri hər tərəfi örtmüşdü. Kiçik qum təpələri, müğilan kolları və yurğun çöpləri görünürdü. Çox uzaq xurmalıqlara bənzəyən bir qaranlıq görünürdü. Bu hadisə, qaçqınların dayanmasına səbəb oldu, çünki Bağdaddan Samiriyyə gedən yol üzərində qalın xurma bağları yox idi. Bundan əlavə, Samiriyyə yolu üzərindəki Düceyl şəhərini də keçməmişlərdi. Çox durdular və çox düşündülər. Bir çokları bu fikirdə idi ki: «görünən qaraltı Samiriyyə yaxınlığında, Dəclə çayının sol sahilindəki qamışlıqlardır!» Qaçqınlar inandılar və yeridilər. Bir az sonra qarşıda görünən qaraltılar içində çox qısa və qaçqınların ümidi qədər solğun bir işıq göründü. Hər kəs buna şad oldu. Leyla da yuxudan ayılaraq başını anasının çiynindən götürdü. Müharrir yenə də barmağını işıq görünən tərəfə tutaraq dedi: – Bura «Əliyənnəqi» məqbərəsinin minarəsidir. Minarədə lampa yanır. Bu məqbərəni İran şahı Müzəffəriddin, qızıl ilə düzəltdirmişdir. Rusiya çarından alınan 30 milyonluq birinci istiqrazın çoxu buna sərf olunmuşdur. Allah onun bəlasını versin. Hər kəsdə bir ümid və şadlıq oyanmışdı. Hər kəs qaçıb qurtaracağını, buradan düz-doğru ordu çəkildiyi yollarla Mosul tərəfə gedəcəyini yəqin edirdi... Şadlıq uzun çəkmədi. Çünki onlar yolu azıb Baratov ordusunun işğal məntəqələrinə gəlmişdilər. Bu qara xəbəri onlara, qum təpələrinin arxasından açılan yaylım atəş verdi. Qaçqınlar öz ümidləri kimi qırılıb məhv olurdular. Yüzlərcə adamlar torpağa sərildi, kazaklar dərhal qılıncları siyirib qaçqınların ətrafını sardılar və yetəni doğramağa başladılar. Araba hələ gedirdi. O ancaq Savlayevin qılıncı ilə dayandı. Kazak dəstəsinin komandanı Savlayev əvvəlcə arabaçını, sonra da Eynəddin bəyi və onun qadını Səfiyyəni öldürdü. Leyla özünü arabadan yerə atdı, qaçmaq istərkən yaralanıb əsir düşdü. Qaçqınlardan sağ qalanları bir yerə yığdılar. Biçeraxovun kazakları, onların köynəyini də soyundurdu. Əsirlərin kişilərini bir tərəfə, qadınları isə başqa bir tərəfə ayırdılar. Əvvəlcə Şəhrəban, sonra da Biçeraxovun qərargahı olan Xanəgeyn şəhərinə göndərdilər. * * * XXXV. İngilislər Bağdadda Bu gün Xanəgeyn şəhəri ingilis və çar bayraqları ilə bəzənmişdi. İngilislərin Bağdadı işğal etməsi münasibətilə bayram elan edilmişdi. Bağdadın işğalı Almaniyanın cahangirlik planındakı Berlin-Bağdad məsələsini nəticəsiz qoyur və Almaniyanın İngiltərə müstəmləkələrinə yaxınlaşmaq yolunu kəsirdi. Gömrükxana bağında yerləşən Biçeraxov qərargahı nəfərləri də bugünkü bayramda iştirak edirdi. Bağ bəzənilmişdi. Limu, narınc və portağal ağaclarından yüzlərcə əlvan fənərlər asılmışdı. Bağın hər tərəfində ikinci Nikolay və onun xalası oğlu beşinci Keorkinin rəsmi asılmışdı. Xurma və nar bağlarının hamısından oynamaq və oxumaq səsi gəlirdi. Çünki kazak çadırları bağlar içində qurulmuşdu. Gecə saat 2-də Savlayev öz əsirlərini xatırladı. O, bayram münasibətilə əsirlərə də pay vermək istədi. Savlayev, əsirlər salınan tövlənin qapısını açdırdı və beş nəfər kazakla içəri girdi. Əsirlərə üç kisə yemək gətirmişdilər. Birində suxarı, digərində xurma, üçüncüsündə də şirin limu var idi. İki gündən bəri yemək görməyən əsirlərin hərəsinə iki xurma, bir limu, bir parça da qara suxarı paylandı. Savlayev əsirləri gözdən keçirərək dedi: – Əsirlərin biri yoxdur. O, qarovul duran kazaka açıqlandı. Çünki bəzən kazaklar əsiri ya öldürür, ya öz yaxın adamlarına satırdılar. Qarovul içəri girdi, əsirləri gözdən keçirtdi və tövlədə olan araba çarxları və əski qazanların dalını araşdırmağa başladı. Leyla araba çarxlarının dalında büzüşüb oturmuşdu. O yaralı idi, yarasını sarıyan belə yox idi. Qarovul, onun qolundan tutaraq: – Şeytanın balası buradadır!—deyə Leylanı yerə tulladı, onun başı da yaralandı. Qan axmağa başladı. Əsirlərdən heç biri cürət edib ona yaxın gəlmədi. O, yerdə uzanırkən qarovul ona əyri-əyri baxaraq dedi: – Üzümə yaxşı bax, yoxsa parça-parça edərəm! Savlayev qızın ağır vəziyyətini görərək kazaka çox mülayim bir səslə dedi: – Belə hallarda bir az ehtiyatlı olmaq lazımdır. O, irəli gəlib qızın başını qaldırıb yarasına baxdı. Savlayev doktor çağırmaq üçün adam göndərdi və doktor gəlincəyə qədər də Leylanın başını əlində saxladı. Savlayevin vəhşi bir adam olduğunu bilən, onu tam mənasilə rəhimsiz tanıyan kazaklar, onun bu mərhəmətinə təəccüb etməyə başladılar. Doktor içəri girərkən Savlayev ona müraciətlə: – Pyotr Kuzmiç—dedi,—əsir bir qızın yarası çox ağırdır. Zənnimcə yardım etmək lazımdır. Doktor muayinə edərkən Biçeraxovun özü də əsirləri gözdən keçirmək üçün gəldi. O, əsirləri gözdən keçirərkən Leylanı da gördü, o Savlayevə dedi: – Sabahdan etibarən əsir qadınların hamısını buraxarsınız. Bu qız isə xəstəxanaya aparılmalıdır. Hər halda qadınları əsir götürdüyünüz zaman ehtiyatlı olmalı və ağır yaralamamalısınız. Leylanı xəstəxanaya götürdülər, onu Savlayevin özü apardı. Yaralarının bağlanması işində də iştirak etdi. Onun tək bir otaqda saxlanmasını və yanına bir şəfqət bacısı verilməsini tapşırıb qayıtdı. Leyla uzun zaman Xanəgeyn xəstəxanasında yatdı. Çünki ingilislərin, Bağdad ilə Xanəgeyn arasındakı məsafəni doldurmaq üçün lazımi qüvvələri yox idi. Buna görə də ingilislər bir tərəfdən Baratov ordusunun Bağdada girməsinə mane olur, o biri tərəfdən də Baratova Bağdad ilə Xanəgeyn arasındakı Yəqubə və Şəhrəban şəhərlərinin müdafiə edilməsini tapşırırdı. Leylanın yaraları hələ yaxşılaşmamışdı. O, Xanəgeyn xəstəxanasında yatırdı. Savlayev özü çox rəhimsiz və alçaq bir zabit olsa da, qəlbində xəstə əsirə qarşı bir məhəbbət hissi bəsləyirdi. Leyla xanım onun mərhəmət və iltifatına baxmayaraq həmişə Savlayevi gördükdə titrəyir və haldan çıxırdı. Savlayev ona öz yaxın adamı kimi nəvaziş edir, qəlbini ələ almağa çalışırdı. Leyla isə onun üzünə soyuq nəzərlərlə baxırdı. Savlayev xəstəxanaya gəldikdə Leylanın yanında oturur, gətirdiyi limu, portağal və sair hədiyyələri ona təqdim edirdi. Leyla yenə də onun bu hörmətini daxili nifrətlə qarşılayırdı. Savlayev onun saçlarını sığalladığı və yarasını muayinə etdiyi zaman sanki Leylanın vücudunda bir ilan dolaşırdı. Bu vəziyyət uzun zaman davam etdi. Leyla artıq Savlayevin sözlərinə alışmışdı. Ondan qorxmur və suallarına da cavab verirdi. Bir gün Savlayev Leylanın otağına girərkən: – Salaməleyküm!—deyə Leylaya əl vermək istədi. Qız isə, qara gözləri ilə ona baxdı və dedi: – Əleykəsəlam! Əcəba, siz müsəlmansınızmı? Savlayev onun titrək əlini ovcuna aldı və cavab verdi: – Bəli, mən quran əhliyəm! Buna heç şübhələnməyin! Leyla ona təəccüblə baxaraq düşündü, sonra soruşdu: – Siz müsəlmanları sevirsinizmi?! Savlayev pozuq türk dilində cavab verdi: – Mən müsəlmanları sevər. Onlar mənə din qardaş! – Osmanlılar da islammı? Leyla bu sözü dedi, sonra peşiman oldu və Savlayevə verdiyi sualdan qorxmağa başladı. Savlayev yarı türk, yarı rusca cavab verdi: – Osmanlı müsəlman, yaxşı müsəlman, mən səni bilirəm nə dedi. Müsəlman başqa iş, voyenni iş başqa iş. Sən vnimaniya vermə! Mən müsəlman, özüm də çox möhkəm müsəlman. Sən rəhmim gəlir. Yaxşı qız, yaraların yaxşı. Sən qorxmas. Sən yanındakı qulluqçudan rus dili öyrən, yaxşıdır. Onda danışarsan. Bu günlər Kirmanşah gedər. Bura ingilislər gələr. Bura ingilisdir. Kirmanşah uzaq. Sən mənim qızım, sənə yaxşı baxar, qorxma sən. Mən razı qalarsan?.. Savlayev uzun-uzadı danışdı. Özünün xalis müsəlman olmasından, osmanlıları sevməsi, bu günlərdə Xanəgeyndən Biçeraxov dəstəsinin Kirmanşaha keçmək istəməsindən, İngiltərə işğalından, Leylaya öz qızı kimi baxacağından danışdı. Vidalaşıb getdikdə, xidmətçi qadına tapşırdı: – Bu qızla yaxşı rəftar et! Ona rus dili öyrət. Gələcəkdə ona ancaq rus dili lazım olacaqdır. Leyla xanım yenə də adəti üzrə ağladı və ata-anasının faciəli ölümünü xatırladı... ...Baratovun ordusu İraqdan çıxırdı. İngilis hərbi komandanlığının tələb və təkidinə baxmayaraq, qoşun çox da sürətlə çəkilə bilmirdi... Ordunun nəqliyyatı tamamilə pozulmuşdu. Mərkəzdən minlərcə kilometr uzaq olan ordunu nəqliyyatsız geri çəkmək olduqca çətin idi. İkinci tərəfdən, İraq şəraitinə və oranın ab-havasına öyrənmiş bir ordunu, isti paltarsız İran Kürdüstanına qaytarmaq mümkün deyildi, xüsusən Kirmanşah tərəflər olduqca soyuq idi. Baratov ordusunun maliyyə vasitələri də çox idi. Mərkəzdən maliyyə vəsaiti almayan Baratov ordusu, ingilislərin mərhəmətinə sığınmışdı. Baratov, qayıdacağı İran ölkəsinin iqtisadi vəziyyətini də nəzərə alaraq ordunun köçürülməsini qorxulu sayırdı. Çünki Baratov İran—Rusiya sərhəddindən, İran və əski Osmanlı sərhəddi olan Xanəgeyn şəhərinə qədər bütün kəndləri soyub ordunu bu hesaba saxlamışdı. İndi isə, onun Rusiyaya qayıdacağı yollar dəhşətli aclıq içərisində idi. Dördüncü bir səbəb də çar generalının, gözü açılan və bolşevikləşməyə başlayan bir ordunu idarə edib-edə bilməyəcəyi məsələsi idi. Ordu nəfərləri artıq çar zabitlərinin əmr və fərmanına boyun əyən və qorxusundan titrəyən adamlar deyildi. Gündə mitinqlər başlanır, generala tələbat verilir və çılpaq saldatların qarlı və tufanlı dağlardan aşıb getməsi üçün vəsait istənilirdi. Lakin general Baratov üçün ingilislərin buyruğu saldatların tələbatından daha qiymətli idi. O nə təhər olsa saldatları İraq torpağından çıxarmalı idi. Çünki ingilislər rus saldatı olan yerlərə ingilis saldatı gətirmək istəmirdilər. İngilislər rus ordusundakı inqilabçıların ingilis saldatlarına təsir edəcəyindən qorxurdular. General Baratov öz silah və ordusunu inqilab ölkəsinə—Rusiyaya aparmamaq və saldatların silahlarını ingilislərə satmaq, özlərini başlı-başına buraxmaq istəsə də ingilis komandanlığı buna razı olmurdu. Buna görə də Baratov öz ordusunu hissə-hissə də olsa soyuq və aclıq olduğuna baxmayaraq Şəhrəban, Yəqubə və Dəyalə nəhri sahillərindən çəkərək İran sərhəddinin o biri tərəfinə daşımağı qət etdi. Ordu olduqca yoxsul idi. Nəqliyyat vasitələri yox idi. Ləvazimatı daşımaq mümkün deyildi. Buna görə də vətənə dönmək istəyən ordu nəfərləri müstəsna fədakarlıq göstərirdi. Xanəgeyn şəhərindən Qəsr-Şirin və oradan da, Mahdəst və Kirmanşaha qədər yollar, yorğun, xəstə, ac saldatlarla dolu idi. Yol kənarında sınıq arabalar, at ölüsü, aş qazanları vardı. Baratov ordusu köçdüyü zaman, Xanəgeyn şəhər xəstəxanası da Kirmanşaha köçmüşdü. Biçeraxovun dəstəsi də Kirmanşahda yerləşərək irəli hərəkət etmək və dəstəsini İrandan çıxarmaq üçün nəqliyyatı islaha başlamışdı. Şiddətli yanvar soyuqları hökm sürməyə başladığı zaman, Baratov ordusu qismən Kirmanşahdan Həmədan tərəflərinə köçmüş, qismən də Kirmanşahdakı qədim karvansaralarda tökülüb qalmışdı. Köçmək üçün nə nəqliyyat, nə maliyyə vasitəsi, nə də ərzaq var idi. Əski çar ordusunun vaxtilə İranda başladığı hərəkəti yürütmək, kəndlərə qoşun dəstələri çıxarıb talan etmək və mal-qara gətirmək də mümkün deyil. Çünki bir dəfə çar ordusunun keçdiyi yerlərdə, islahat qalmırdı. Artıq bolşevikləşmiş saldatlar, qarətkarlığa, qamçı və tüfəng gücünə İran kəndlisindən ərzaq yığmağa razı olmurdular. Qarlı və tufanlı gədiklərdə ölməkdən qorxmayanlar, silahını alıb parça-parça dəstələrlə yola çıxır və inqilabi Rusiyaya getməyə can atırdılar. Kirmanşahda qalan çox idi. Bunların böyük bir hissəsi zabitlər idi ki, Biçeraxov dəstəsinə qoşulurdular. Kirmanşahın üstüörtülü bazarlarını gəzdikdə köynəyini, ayaqqabısını, müharibədə ələ keçirdiyi yərsiz qənimətləri, ölənlərin cibindən çıxardığı papiros qutusunu və sair bu kimi şeyləri satmaqla məşğul olan çar saldatına təsadüf etməmək mümkün deyildi, lakin bu şeyləri alan yox idi, çünki hər əsrdə bir neçə kərə ucuzluqdan dağılan və məhsulunu sata bilməyərək iflas edən İran kəndlisi, hazırda qıtlıqdan, bahalıqdan, iş mallarının yoxluğundan dağılıb getmişdi. Buna görə də Kirmanşah bazarında hamı satırdı, lakin bir nəfər də alan yox idi. Dünya müharibəbəsinin törətdiyi ən müdhiş fəlakət səhifələrini Kirmanşah şəhərində görmək və hər bucaqda bir bədbəxtə rast gəlmək mümkün idi. Baratov ordusunun dilənçi və ac saldatları yerli dilənçilərə qarışmışdı. Dilənçilərə kömək edən yox idi. Çünki camaatın çoxu ac idi. Baratov ərkani-hərbinin xəyanəti nəticəsində, İraq ilə həmhudud olan İranda, taxıl tacirlər vasitəsilə topladılıb, İraqda yerləşən ingilis qarnizonuna göndərilmişdi, çünki osmanlılar da İraqdan çıxanda ingilislər əlinə keçəsi ərzaq qoymamışdılar. Hindistandan taxıl gətirə bilmirdilər. Oraların ərzağın çoxdan cəbhələrə daşınmışdı. Buna görə də ingilislər Bağdad qarnizonunu saxlamaq üçün yenə də İrana ümid bağlamışdılar. Yuxarıda göstərilən xəyanətlər nəticəsində Kirmanşahın karvansara səkilərində acından və xəstəlikdən ölən və inləyə-inləyə can verən yüzlərcə rus işçi və kəndlisinə təsadüf etmək olurdu. Belə ağladıcı vəziyyətləri görən yerli xalq, xüsusən yerli qadınlar, rus saldatının bu vəziyyətini qanlı göz yaşları ilə qarşılayır və çar zabitlərinin keçmiş vəhşi hərəkətini xatırlamadan gənc saldatların başı üzərində bir ana, bir bacı kimi ağlayırdılar. Cümə axşamlarında dilənçilər qəbiristanlara və məscid qapılarına gedirdilər. Baratov ərkani-hərbi Həmədanda yerləşmişdi. * * * XXXVI. Savlayev Nurəddin Baratov ordusunun xəstəxanası Kirmanşahdan köçürülürdü. Leylanın vəziyyəti məlum deyildi, onun xəstəliyi qismən yaxşılaşsa da, yenə bir tərəfə köçürülməsi onun həyatı üçün olduqca qorxulu idi. Eyni zamanda xəstəxanada qalmaq da mümkün deyildi. Çünki xəstəxana çox pis vəziyyətdə idi. Qışın soyuq günlərində belə soba yandırılmırdı, palataların çoxunda soba da yox idi. Xəstə saldatları arabalara yığıb birdəfəlik məhv etmək üçün yola çıxarırdılar. Savlayev Nurəddin xəstəxanaya gəldiyi vaxt xəstələrin bəzisi köçürülmüş, qalanlar isə soyuq otaqlarda ac və əlacsız uzanıb ölümü gözləyirdilər. Çox soyuq idi. Leyla nazik bir yay yorğanına bürünüb düşünürdü. Savlayev Nurəddin Leylanın çarpayısı yanında oturmuşdu, o, hələ Leylanın halını soruşmadan xəstəxana müdiri doktor Kuzmiç otağa daxil olub Savlayevə salam verdi: – Cənab miralay!—dedi.—Bu qız haqqında nə tədbir görəcəksiniz? Xəstəxana köçür. Bu gün xörək də bişirilməmişdir. Yalnız iki otaq qalmışdır ki, bu gecə onları da köçürməliyik. Bunu burada qoyub getmək lazım gələcəkdir. – Xəstəxanadan buraxılmasına səhhəti yol verirmi?! – Buradan çıxıb öz ailəsinə, öz evinə getsə və yaxşı yaşamağı bacarsa, səhhəti yol verər. Lakin bilmirəm... Savlayev dedi: – Eybi yoxdur, binagüzarlıq edərəm! Xəstəxana müdiri baş əyib getdi, Nurəddin isə uzun-uzadı düşündü və Leylanın yaşlı gözlərinə baxıb durdu. Leyla xəstəxana doktorunun nə demək istədiyini anlamışdı. O, xəstəxanada şəfqət bacılarından rus dilini qismən öyrənmişdi. Leyla çevrilib Savlayevin üzünə baxdı və dedi: – Mən sizi anlayıram! Mənim vəziyyətim, sizi də çıxılmaz bir vəziyyətdə qoymuşdur. Etdiyiniz mərhəmətdən məmnunam. Lakin, hazırda sizin haqqımda bir şey edə bilməyəcəyinizi doktorun danışıqlarından anladım. Nə etmək olar? Qoy məni şəhərə buraxsınlar. Bəlkə də birisinin mərhəmətinə nail ola bildim. Lakin örtünəcək bir şey olsaydı... Çünki mənim paltar adında heç bir şeyim yoxdur. Savlayev dedi: – Əzizim, məni dinlə! Mən heç vaxt sənin haqqında pis şey düşünməmişəm. İstədiyim bir şey varsa o da xəstə bir qıza axıra qədər yaxşılıq etməkdir. Bilmirəm, sən buna imkan verəcəksənmi?! Mən səni rahat etmək, müalicə etdirmək istəyirəm. Leyla ağlayaraq dedi: – Çox çətindir. Mənim indiki gələcəksiz və dəyərsiz həyatımın səbəbi sizsiniz. Bunu heç vaxt unuda bilməyəcəyəm. Bundan sonra yeganə bir yol varsa, o da küçəyə çıxmaqdır. Bu da ancaq əsirlikdən azad olunduğum zaman mümkün olacaqdır. – Mən səni rahat edər və istilər düşəndə səni yenə də Bağdada qaytara bilərəm. – Bağdad ingilislərdə deyilmi? – Bəli ingilislərdədir. – Elə isə Bağdada qayıtmağımın da mənası yoxdur. – Sən ingilislərdən qorxma! Mən səni öz xüsusi maşınım ilə Bağdada aparar və tanışlarınıza tapşırarəm. – Sən bunu bacarsan yerdən göyə qədər razı qalardım. Orada bizim tanışlarımız və mənim məktəb yoldaşlarım da vardır. Buna öz vicdanımla söz verirəm. Sən, hazırda mən yaşadığım evə köç! Səhhətin düzələr! Fürsət olan kimi səni Bağdada köçürərəm. Qorxma, mənim mənzilim müsəlman evindədir. Sən onların qadınları və qızları ilə də tanış və müsahib olarsan. Ev qulluqçum da sənə istədiyin xidməti edər, sənə paltar və sair şeylər də hazırlatmışam. Leyla Savlayevin sözlərinə dili ilə yox baxışları ilə razılıq verdi. Savlayev Leylanı evə köçürmək üçün fayton və paltar dalınca getdi. Leyla gözlərini qapayıb düşünür, əsirlikdən qurtaracağı və Bağdada gedəcəyi haqqında çürbəçür fikirlər edirdi. Leyla Bağdad axşamlarını xatırlayır. Dəclədə üzən minlərcə səyahət qayıqlarını görür, qaz fənarlarının işıqlarında oxuyan şərqiləri və ud səslərini dinləyirdi... Onun qayığı hökumət binaları, əskəri qışlalar yanından üzə-üzə xilafət saraylarına yanaşır, sərv ağaclarını oynadan Bağdad küləyi yenə də onun saçlarını üzünə dağıdır, o «Tac» sarayının Dəcləyə baxan pəncərələrindən əski tarix dastanlarını oxuyurdu. «Firdovs» sarayının sərv ağacları ilə örtülmüş mənzərəsində əski dünyanı görür və sarayın buraxdığı mirası gözdən keçirirdi. Leyla xanım qayıqdan baxıb xəlifələr tərəfindən tikilmiş əsirlər dairəsini gördü və diksindi. Yuxudan ayıldı və əsirliyini xatırlayıb məyus-məyus ağladı. Savlayevin faytonu xəstəxana qapısında dayandı. Savlayevlə xidmətçi qadın, əlində böyük çamadan içəri girdi. Savlayev bir saat dəhlizdə dayanıb xəstəxana müdiri Kuzmiçlə danışırdı. Otaqdan xidmətçi qadınla bərabər, qayət nəfis geyinmiş isti paltolu bir qız çıxdı. Nə Savlayev, nə də xəstəxana müdiri Kuzmiç öz gözünə inanırdı. Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əzilən əsir qızı deyil, türk çöhrəli, rum vücudlu, İran saçlı, hicaz gözlü, incə belli, mütənasib boylu, fitnəkar qaşlı, qara gözlü bir Bağdad gözəlini götürdülər. Savlayev onun əlindən tutaraq küçəyə çıxartdı, onu xidmətçi qadınla bərabər faytonda əyləşdirib evə gətirdi. Savlayevin yaşadığı bina, Amerika missiyası və İngiltərə—İran bankı və İngiltərə konsulxanasının qarşısında ikimərtəbəli bir ev idi. Həmin bu bina, əski rus konsulxanası casuslarından yerevanlı Kəblə Cəlilin mülkü idi. Kəblə Cəlilin qızları və qadınının orada yaşaması Leylaya böyük təsəlli oldu. Leyla özü üçün təyin edilmiş xüsusi otağında idi. Gecə saat 12-də Savlayev Nurəddin evə qayıtdı. Xidmətçi şam süfrəsi saldı və Savlayevin əmri ilə Leylanın qapısını tıqqıldatdı və dedi: – Miralay sizi gözləyir. Xanımın şam yeməyə buyurmasını rica edir. Leyla cavab verdi: – Çox təşəkkür edirəm, yeməyə meylim yoxdur. Nəhayət, miralayın təkidi ilə Leyla xanım süfrə başına gəldi. Miralay yenə də ona təsəlli verərək: – Sən heç sıxılma. Buranı öz atanın evi saya bilərsən. Gördün ki, səninlə əsirlər kimi rəftar edilmədi. Mən özüm, hətta Biçeraxov cənabları sənin qeydinə qaldıq. Yoxsa hərbi xəstəxanada sənə heç yer verməzdilər. Hazırda sənin istirahətin tamamilə təmin edilmişdir. Rahat yaşaya bilərsən. Qızım, nə edəsən? Müharibənin qaydası budur. Müharibə də daima müharibə edən iki tərəfin xalq kütlələrinin fəlakət və bədbəxtliyi əsasında qurulur. Müharibə nə atasızlıq, nə oğulsuzluğun acı təsirləri ilə hesablaşır. Müharibə bir oraq kimidir. O, yaxşı və yaman otların hamısını bilə-fərq biçib məhv edir. Ümidvaram müharibə tezlikdə bitər, yenə hər kəs öz yerinə qayıdar. Səni də yaxınlarda Bağdada yola salaram. Öz ata və ananı axtarıb taparsan. Mənə inan! Bu səadəti sənə qaytarmaq üçün mən də kömək edərəm. Leyla bu sözlərdən şiddətlə ağlayaraq dedi: – Siz o səadəti artıq mənə qaytara bilməzsiniz. – Nə üçün? – Çünki o səadəti quranlar artıq yoxdur. – Onlar haradadır? – Onların harada basdırıldığı da məlum deyildir. – Əcəba, onlar ölmüşmü? – Xeyr! Onlar öldürülmüşlər! Şəhrəban altındakı vuruşmada biz beş nəfər qaçqın, araba ilə gedərkən bir nəfər kazak atamı, anamı, iki nəfər də başqa qaçqınları qılıncla kəsdi. Yazıq anam özünü mənim üstümə atdı, məni mühafizə etmək istədi, onu kəsdilər, məni isə yaralayıb əsir götürdülər. Əcəba, siz nə düşünürsünüz? Mənim əski səadətimi bir daha qaytarmaq mümkünmü?! Leyla ağlayırdı, Şəhrəban altındakı gecə hücumu Savlayevin xəyalında yenidən canlandı. Yenə də qaranlıq gecədə, öz eskadronunun qum təpələri arxasında gizləndiyini və Şəhrəbandan Bağdada gedən yollarda qarovul durduğunu və qaçqınlara hücum və təqib etdiyini, arabadakıları qılıncla necə doğradığını bir daha xatırlayırdı. O, qıza heç nə söyləmədi, ancaq qızın başına gələn fəlakətin səbəbi özü olduğunu yəqin etdi və bədəni titrədi. Leyladan soruşdu: – Sizin əsliniz haradandır? – Bizim nəslimizin tarixi çox uzundur. Bizim əslimiz Şimali Qafqazdandır. – Şimali Qafqazdan? – Bəli, Şimali Qafqazdan. – İnquş və ya çərkəsmisiniz? – Xeyr, bizim əslimiz çeçendir. Lakin Türkiyəyə köçdükdən sonra, tamamilə türkləşmişik. – Siz Türkiyəyə nə üçün köçdünüz?! – Bizim Türkiyəyə köçmək tariximizi bir neçə sözlə demək mümkün deyil! Uzun söhbətlə vaxtınızı almaq istəmirəm. Bir də bizim ailənin tarixi başqalarını maraqlandıracaq qədər əhəmiyyətli deyildir. Savlayev dedi: – Yox, elə düşünmə! Mən əvvəldən də səni aristokrat ailədən çıxmış zənn etmişəm. Buna görə də səninlə başqa cür rəftar edilməsini tapşırmışdım. İndisə biz bir-birimizlə, başqa bir dildə, yəni uzaq adamlar kimi danışmamalıyıq. Mən himayə etdiyim bir simanın kim və hansı bir ailədən olduğu ilə həddindən artıq maraqlanıram. Mənim üçün heç də baş ağrısı deyil, danış, səni dinləyirəm. Leyla xanım başladı: – Mənim danışdıqlarım yaşımdan çox irəlidir. Bu söhbətlər atamın uşaq olduğu zamanların söhbətidir. Bizim Türkiyəyə köçməyimiz rusların, Çeçenistanı işğal etdiyi günlərdən başlamışdır. Çeçenlər çox dinc və ibtidai adət və ənənələri sevən bir xalqdır. İşğalçı rus çarı üçün iki şey lazım idi: çeçenləri ruslaşdırmaq və yaxud yerlərindən köçürtmək! Yerli ruhanilər, o cümlədən Çeçenistan imamı Şeyx Kunta xalqın pravoslav dininə keçməsinə yol verməmək üçün son dərəcə fanatik zikri təriqətini ortalığa atdı. Bu təriqət, Çeçenistanda rus çarlığı əleyhinə siyasi bir təbliğat olaraq genişləndi və Dağıstan, Zaqatala camaatı arasında yayıldı. Bu söylədiklərim 1862-ci illərin sözüdür. Bu zamanlar bütün Şimali Qafqaz təriqətlər yuvasına dönmüşdü. Ruslaşdırmaq siyasəti ilə mübarizə aparmaq üçün yerli xalq rəhbərlərinin əlində, xalqı dinə və dinin müxtəlif təriqətlərinə təhkim etməkdən də başqa bir vasitə yox idi, buna görə də Şimali Qafqaz, müxlisi, sufi, zikri, bəktaşi və nəqşbəndi təriqətlərinin yuvasına dönmüşdü. Bəzən bununla mübarizə apara bilməyən rus missionerləri dini bayram adətlərini və o kimi günlərdə təşkil edilən toplanışları silah gücünə dağıtmağa qədər varıb çıxdı. Gizlin ibadət üçün çöllərdə toplananları top güllələri ilə dağıtdı. Nəhayət, 1864-cü ildə Rusiya hökumətinin əmri ilə yerli hökumət, qəfildən Şeyx Kunta və onun qardaşı Mavsuri beş nəfər vəkilləri ilə bərabər həbsə aldırdı. Bu xəbər kiçik və böyük Çeçenistanda məlum olar-olmaz, onlar birləşərək Şalı kəndində toplandılar. Bu vaxtda general Tumanovun dəstəsi yetişib Şalı kəndində toplanan çeçenləri, yaxud zikri təriqətinin müridlərini qurşun gücünə məhv elədi. Hökumət bununla kifayətlənməyərək çeçenləri qırıb məhv etmək, onları rus missionerlərinə tabe etmək üçün 1864-cü ilin aprelində Severski dragun alayı ilə bərabər 40-cı diviziyanın iki alayını dəxi Çeçenistana göndərdi. Çeçenlərdən qırılan qırıldı, pravoslav dinini qəbul edənlər bir az torpaq alaraq yaşadılar, qəbul etməyənlər torpaqsız qaldılar. Torpaq məsələsi Çeçenistanda əvvəldən də doğru qoyulmamışdı. Knyaz Baryatinski hələ 1860-cı illərdə çeçen camaatına verdiyi elanında çeçenlərin gələcəyini lazımınca təyin eləmişdi. Elanda deyilirdi: «Sizin torpaqlarınız aullar arasında təqsim ediləcəkdir. Çeçen aullarının ətrafında yerləşdirilən kazaklar da bu təqsimə daxil olur. Torpaqdan ümumi hüquqla istifadə ediləcəkdir. Lakin bir neçə uçastok bura daxil deyildir. Bu uçastoklar xüsusi adamlara verilmək üçün ayrılmışdır. Xəzinə tərəfindən müsadirə edilmiş dağ hissəsindəki torpaqlardan isə əhali yalnız otlaq sifəti ilə istifadə edə bilər». Lakin bu vədlər olmadan da çeçen xalqı torpağın kifayət verməyəcəyini bilirdi, çünki Çeçenistanda yerləşdirilən kazakların miqdarı torpağın miqdarından bir neçə qat artıq idi. Buna baxmayaraq hökumət yenə də Çeçenistana yeni kazak ailələri köçürməyə başlamışdı. Belə ki kiçik Çeçenistanda 1012 kazak ailəsi əlavə olaraq yerləşdirilmişdi. 1866-cı ildə Ter kazakları ilə çeçenlərin torpaq hüdudlarını, təyin etmək üçün təşkil edilmiş komissiya öz yeni layihəsi ilə çeçen kəndlilərini daha da sıxışdırdı və yaxşı torpaqları kazaklara verdi. Hökumət bununla da kifayətlənməyərək Terek çayı arxasında yerləşən çeçenləri sıxışdırmaq üçün yeni bir vasitə düşündü. Onları köçməyə məcbur etmək üçün 1-ci, 2-ci sunjenski kazak alayları çeçenlərin başı üzərində yerləşdirildi. Çeçen camaatı dəstə-dəstə, bəzən bütün aullarla Türkiyəyə köçməyə başladılar. Köçənlərin kəndlərini və torpaqlarını çar kazakları işğal etdi. Çeçenlərdən Ter ölkəsində çox az qalmışdı. 1876-cı ilin axırında Rusiya—Türkiyə müharibəsi ciddi bir şəkil aldığı zaman çar hökuməti öz arxasını təmin etmək üçün Dağıstanda və Çeçenistanda tədbir gördü. Çeçenlərin məşhur aulu Şalıda qırğın və talana başladı. Çeçen xalqı bu talandan sonra dağlara çəkildi, orada da çar hökuməti onların arasında yaratdığı ixtilaf və düşmənlik nəticəsində, çeçenləri bir-birinə qırdırırdı. Beləliklə kazakların qılıncından qurtaranlar aşkarda və gizlində Türkiyəyə qaçmağı qət etdilər. Mənim atam da o zaman kiçik uşaq ikən atası və anası ilə bərabər Türkiyəyə köçmüşdü. Babam o qədər də kiçik adam deyilmiş. Onlar İstambula az dövlət aparmamışdı. Atamın «Dəri səadət» çavarında, Anatoluda, Kaziköyün 5 kilometr şərqində, Ərənköydə gözəl bağçalıqları və bir neçə köşklərdən ibarət mülkü vardı. Atam ali savadlı olduğu üçün ən böyük vəzifələrdə çalışırdı. Atam İstambulda bir çeçen qızı ilə evlənibmiş. Mən və qardaşım Nəcməddin İstambulda doğulmuşuq. Orada da təhsil almışıq. Atam on ildir ki, Bağdada təyin edilmişdi. Həyatımız çox gözəl keçirdi. Mən və qardaşım bir neçə dil bilirik. Biz ən gənc ikən ata-ana məhəbbətini duyduğumuz zaman onları birdən-birə itirdik. Savlayev Leylanın ailəsi haqqında məlumat aldıqdan sonra, yenə də onu sakit etməyə başladı: – Dünya belədir. O heç kəsin arzusu ilə oynamaz. Mənim də uşaqlığım belə keçmişdir. Mən də uşaq ikən ata və anamdan ayrılmışam. Nə edəsən? Əcəba, sizin Şimali Qafqazla əlaqəniz varmı? – İndi haradan əlaqəmiz ola bilər? – Təbii, indi əlaqə ola bilməz. Bağdadda, İstambulda olduğunuz zaman Şimali Qafqazla əlaqə saxlamadınızmı? – Atam əlaqə saxlayırdı. O həmişə Şimali Qafqazda hərbi işlərdə çalışan gənc bir qardaşı olduğunu söylərdi. Anam da hər vaxt, «Sizin Şimali Qafqazda bir əminiz vardır» deyə bizə söhbət edərdi. Çünki atam İstambula köçəndə kiçik qardaşı xəstə olduğu üçün onu özü ilə apara bilməmişdi. – Şimali Qafqazdakı əminizin adını bilirsənmi? – Təbii, bilməmiş deyiləm. Gərək ki, onun adı Nurəddin bəydir. Leylanın bu sözündən sonra, Savlayev dəli olacaq qədər həyəcanlı idi. Leyladan soruşdu: – Sən bunu yəqin bilirsənmi?! – Bəli, indi xatırlayıram! Hələ mən anamın qucağında ikən o mənim saçlarımı sığallardı. Məni dilə tutub yavaş-yavaş oxuyardı: Bunun yuxusu gəlsin. Nurəddin əmisi gəlsin, Çiçəkdən başmaq, Güllərdən yaşmaq gətirsin. Savlayev dəhşətə düşmüş kimi diksinib qalxdı və soruşdu: – Söylə, tez söylə! Atanın adı nədir? – Atamın adı Eynəddindir! Bu sözdən sonra Nurəddin ikiəlli başına çırparaq: – Bədbəxt və yazıq qardaşım vay!—deyə ağladı və Leylanın başını qucaqladı: – Sən mənim qızım, mənim talesiz Leylam! O, ağladı, ağladı. Qardaşını və qardaşının qadınını öz əli ilə öldürdüyünü xatırlayaraq acı-acı, hönkür-hönkür ağladı. Nəhayət öz qəlbində: – Nə edəsən, hərbi vəzifədir!—deyə başını qaldırdı. * * * XXXVII. İngilis missiyası Leyla və Savlayev hələ səhər çayını içib bitirməmişdilər ki, Biçeraxov ərkani-hərbindən miralay Savlayevin adına göndərilən telefonoqramı gətirdilər. «Telefonoqram № 245. Miralay Savlayevə: Bu gün səhər tezdən (7-də), Mahudəştdən alınan telefonoqrama əsaslanaraq, sizə məlumat verilir: Bakıya getmək məqsədi ilə Bağdaddan hərəkət edən 24 nəfərlik İngiltərə missiyası, 41 fordun müşayiəti ilə, saat səkkizdə Mahudəştdən Kirmanşah tərəfə hərəkət edəcəkdir. Qarovul məntəqələrindən alınan xəbərlərə görə şiddətli tufan nəticəsində Mahudəşt ilə Kirmanşah arasındakı yolları qar basmışdır. Buna görə də, İngilis missiyasına bədbəxt hadisə üz verməsin deyə missiyanı istiqbal və hər bir ehtimala qarşı müdafiə üçün 10 nəfərlik atlı kazak dəstəsinin yola çıxmasına əmr edəsiniz. P. Biçeraxov. 3 fevral, 1918-ci il» Leyla xanım bu telefonoqramın məzmunundan xəbər tutdu, bütün vücudu titrədi. – Aman allah,—bizi fəlakətə salanlar yenə gəlirmiş! Nurəddin isə onun saçlarını sığallayaraq alnından öpdü: – Qızım, qorxmağa heç də lüzum yoxdur. Onlar müharibəyə gəlmirlər. Onlar Bakıya getmək və əski Rusiyanın bərpası yolunda çalışanlara yardım etmək məqsədi ilə gəlirlər. Mən səni tanış edəcəyəm, onlar əski Rusiyanın müttəfiqləridir. Leyla onun sözlərini yarımçıq kəsdi və dedi: – Əmi can, ingilislər heç bir zaman şəxsi mənfəətləri olmayan bir işdə iştirak etməzlər. Əmin olmalısan ki, onlar əski Rusiyanın bərpası üçün yox, əski Rusiyadan bir hissə qoparmaq üçün gedirlər. Savlayev öz barışdırıcı, yaltaq və hiyləgər xasiyyətlərini təbliğə başladı. O, Leylaya nəsihət verərək: – Əvvələn, ingilislər sənin düşündüyün kimi deyil!—dedi.—Tutaq ki, hər iş sənin düşündüyün kimidir. Əcəba, insan hər bir düşündüyünü lisanına gətirərsə yaşaya bilərmi?! Gözəl qızım, sən onu bilməlisən ki, hər insan hər bir şeyi düşünə bilər, burada hər kəs azaddır. Lakin hər bir düşünçəni həyata keçirmək dildə demək kimi asan deyil. Öz düşünçəsinə tərəfdar axtaranlar bəzən böyük bir fəlakətə də düşə bilərlər. Bir çox fikirlər vardır ki, dünyada özünə heç vaxt tərəfdar tapa bilməz. Buna görə də sən, daima xalqın bəyənə biləcəyi fikirləri, ümumun düşüncəsi ilə barışa biləcək düşüncələri meydana atmalısan. Hazırkı mühitimizdə İngiltərə tərəfdarlığı fikri ümumi bir fikirdir, bu fikir xaricində yaşamaq təhlükəlidir. Mən elə zənn edirəm ki, sən ingilislər ilə tanış olduğun zaman, nəinki belə düşünçələri dilinə gətirmək, hətta onlara öz qəlbində də yer vermək istəməyəcəksən, çünki əqilli, idraklı və şüurlu insanlar, daima güclülərdən istifadə etməyi bacaranlardır. İndi, gözəl qızım, zaman da elə bir zamandır. İndi əski dünya dəyişir, böyük Rusiya yoxdur, böyük Rusiya sayəsində çörək yeyən bizim kimilər, özünə yeni bir səadət qurmaq üçün vasitə axtarır. Bizim yolumuz, yəni haman səadətin yolu, İngiltərə tərəfdarlığından ibarətdir. Buna görə də sən məni dinləməli və ehtiyatkar bir qız olmalısan. Leyla heç bir söz demədi. Savlayevə ikinci bir telefonoqram gətirdilər. «Cənab Nurəddin! Bu gün başda cənab Denster-Vil olmaq üzrə, Britaniya missiyası Kirmanşaha gəlir, buna görə də İngiltərənin Kirmanşah konsulu miralay Konion və xanımı madam Konion missiyanın şərəfinə veriləcək ziyafətdə, öz möhtərəm qızınız Leyla xanımla bərabər iştirak etməyinizi rica edir. Axşam saat səkkizdə təşrifinizə müntəzir, miralay Konion. 3 fevral, 1918-ci il». Axşam saat doqquzda, Leyla və Savlayevi gətirən maşın, ingilis konsulxanası qarşısında durdu. Birinci dəfə idi ki, ingilislər Avropa tərbiyəsi almış gözəl bir türk qızını öz məclislərində görürdülər. Onlar Leylanın əlini sıxmaq və onunla tanış olmaq üçün növbəyə durdular. Leyla ingiliscəni ingilislər kimi danışırdı. Biçeraxov Leylanın danışığını eşitdikdə, ingilislərə müraciətlə məğrur halda dedi: – Çeçen qızıdır. Qardaşımız qızıdır. İngiliscə, almanca, fransızca mükəmməl təhsil almışdır. Leylanın ingilislərlə olan söhbəti Biçeraxovun dediklərini təsdiq edirdi. Leyla ingilisləri görmək və onlarla səmimi olmaq istəmirdi, lakin əmisi Savlayevin tapşırığına görə, istər ingilis missiyası üzvləri, istərsə ingilis konsulu Konion və onun qadını ilə səmimi olmağa çalışırdı. Leyla bu vaxta qədər missiya üzvlərinin kimlərdən ibarət olduğunu bilmirdi. Nəhayət, ingilis konsulu missiya üzvlərini Leylaya təqdimlə dedi: – Missiyanın sədri cənab Denster-Vil! Bu da kapitan Stoks cənablarıdır. Bu cənab da kapitan Kuperdir. Bu cənab isə Çonsondur. Bu zabit də Annotta cənablarıdır. Tanış olun, bu da mayor Burnıskidir. Bu, kapitan Çondur. Bu da doktor Konisbeldir, yanındakı cənab doktor Adamdır. Sol tərəfdə duran cənab isə miralay müavini Kletterberqdir. Sonra ingilis konsulu mister Konion, Nurəddin Savlayevi missiya üzvlərinə tanıtdı: – Hörmətli miralay Biçeraxovun müavini, miralay Savlayev cənablarıdır. Bu cənab özünü ingilislərin səmimi dostu kimi tanıtmışdır. Bunun qəhrəmanlıqları ları Baratov ordusunun irəli hərəkətinə böyük yardım göstərmişdir. Bu söz missiyanın sədri general Denster-Vilin xoşuna gəldi və ayağa qalxdı: – Dostumuzun əlini təkrar sıxmaq lazımdır,—deyə Savlayevin əlini sıxdı. Leyla bu vəziyyəti gözdən keçirərək qəlbində dedi: «Bunların hamısı Türkiyə düşmənləridir. Burada oturanların hamısı Türkiyəni fəlakətə salanlardır. Əcəba, Türkiyə bunları tanımırmı?! Bu işləri onlara xəbər verən yoxmu?» Bu kimi fikirlər Leylada başqa-başqa duyğular oyatdı. O, mütləq Türkiyə komandanlığı ilə əlaqəyə girməyi qət etdi. Yemək otağına keçdilər. Birinci qədəhi ziyafət sahibinin və onun qadınının şərəfinə içdilər. İkinci qədəhi qaldırmaq üçün ingilis missiyası sədri general Denster-Vil söz alıb ingilis diplomatlarına məxsus yalançı və aldadıcı dilini işə saldı: – Bir tərəfdən Böyük Britaniya, digər tərəfdən isə əski Rusiyanın əzəmətini bərpa və davam etdirmək məsuliyyəti bu süfrənin başında əyləşənlərin öhdəsindədir. Burada oturanların məqsədləri birdir. Bizim düşmənimiz və mübarizə apardığımız cəhətlər də ümumi cəhətlərdir. Biz əski Rusiya və onun dostu olan Böyük Britaniyanın qalibiyyəti uğrunda çalışan silah arxadaşlarıyıq. Biz bir tərəfdən almanlar, bir tərəfdən osmanlılar, o biri tərəfdən də qırmızılar əlində parçalanan əski Rusiyanın köməyinə gedirik. Düşmən ayağının altında inləyən yaralı Rusiya bizi köməyinə çağırır. Burada oturanlara məlumdur ki, Rusiya-İngiltərə hökumətləri Alman cahankirliyinə qarşı dörd ildən bəri mübarizə aparır. Siz Rusiyanın müvəqqəti məğlubiyyətini heç etinaya almayın! Biz almanlara qalib gəlmişik, bu qalibiyyəti axıra qədər aparmaq üçün sizin də sıx iştirakınız lazımdır. Nə qədər almanlar «B» hərfi üzərində qurduqları cahankirlik siyasətindən əl götürməmişlər, biz də «bölünməz Rusiya» şüarına sadiq qalan sizin kimi simalarla əməkdaşlıq edərək onlarla apardığımız mübarizəni davam etdirəcəyik. «Berlin—Bağdad». Bu kəlmələr nə deməkdir?! Almaniya cahankirliyinin birinci xətti yuxarıda göstərilən iki kəlmənin əsasında qurulmuşdu. Almanlar Berlin—Bağdad dəmir yolunu nə üçün çəkirdi?! Almanlar bu dəmir yol vasitəsilə Kiçik Asiyanın, oradan isə Hindistanın ürəyinə soxulmaq və onların sahibi kəsilməyə çalışırdılar. Lakin rus silahı ilə əməkdaşlıq edən ingilis silahı, almanların Berlin—Bağdad şüarları əsasında qurulan siyasətini darmadağın etdi. Bizim 17-ci ilin martında Türkiyə ordusuna vurduğumuz ölüm zərbəsi nəticəsində «Berlin—Bağdad» kəlməsinin axırında olan «Bağdad» sözünü qırıb atdı, Bağdad artıq əski Rusiya müttəfiqləri olan ingilislər əlindədir. Bəli, Bağdad alındı, lakin həris olan Almaniya cahankirliyi yenə də «B» hərfi əsasında qurulan şüarını davam etdirməkdən əl çəkmədi, onu daha da genişləndirdi. Almaniya cahankirliyi indi də öz planını «Berlin—Batum—Bakı—Buxara» kəlmələri əsasında qurmuşdur. Onlar bu planı həyata keçirməklə, bir tərəfdən Xəzər dənizinə, Bakı neftinə və o biri tərəfdən də Türküstan pambığına və sair təbii sərvətlərə sahiblənəcəklərmiş. Bizə gəldikdə əski Rusiyanın malı olan bu sərvətləri ona yedirməmək üçün var qüvvəmizlə çalışacağıq. Sizinlə əməkdaşlıq etməyimizin də mənası budur. Almanlar düzdükləri bu son planları ilə digər bir siyasət dəxi təqib edirlər ki, o da bundan ibarətdir. Onlar Türküstan və Buxara məmləkətlərini əldə etdikdən sonra kiçik Əfqanıstanın istiqlaliyyətini pozmaq istəyəcəkdir. Almanlar Əfqanıstanı işğal etdikdən sonra Hindistana daxil olmaq istəyəcəkdir. Biz isə sizinlə əməkdaşlıq edərkən, belə bir əqidəyə varmalıyıq: nə qədər ki, Rusiyada inqilabi hərəkat davam edir, nə qədər ki, almanlar bu hərəkatın yaratdığı pozğunluqdan istifadə edərək Rusiyanın qəlbinə soxulmaq istəyir, nə qədər ki, bolşeviklərin almanlarla imza etdiyi Brest-Litovski müqavilənaməsi Rusiyanın qapılarını Almaniya—Türkiyənin üzünə açır, biz də sizinlə əl-ələ verərək haman qapıları qapamaq və təhqiredici müqaviləni pozmaq uğrunda mübarizə aparmalıyıq. Siz onu bilməlisiniz ki, bizə Brest müqaviləsini pozmaq uğrunda aparacağımız mübarizədə milyonlarca mədəni insanlar və minlərcə bolşevik düşmənləri yardım göstərəcəkdir. Bizə kütlələr və kütlələri əhatə edən ikinci internasionalçılar qoşulacaqlardır. Hazırda Rusiyada bu müqaviləni qanun xaricində bilən yüz minlərlə şüurlu adamlar vardır. Həqiqi ruslar, milli istiqlaliyyəti İngiltərə himayəsində görən daşnaqlar və sairlər bizim yolumuzu gözləməkdədir. Ağalar! Almanlar öz murdar əlini Bakı neftinin namusuna uzatmaq istəyir, almanların qabaq dəstələri hesab olunan türk orduları Bakıya girmədən və öz vəhşi əllərini neft mədənlərinin döşlərinə qoymadan əvvəl, biz özümüzü Bakıya yetirməliyik. Biz burada bu süfrənin başında, Qafqazın həd-hesaba gəlməyən sərvətini Orta Asiya və aşağı Volqanın zənginliyini almanlara və türklərə qarşı müdafiə üçün and içməliyik. Mən bu piyaləni, həmin andın və andın arxasında durub onu axıra qədər aparacaq qəhrəmanların, Biçeraxov dəstəsinin və onun rəhbərlərinin şərəfinə, mədəni çeçen qızının şərəfinə içirəm! General Denster-Vil öz tostunda ingilis missiyasının məqsəd və arzusunu tamamilə aydın etmiş oldu. Qədəhlər böyük ruh yüksəkliyi ilə qaldırıldı, qədəhlərdən çıxan səslər, süfrə başında oturanların qəlbindən qopan səsləri ifadə edirdi. Bu səslər gələcək əməkdaşlığı möhkəm saxlamaq üçün bir and idi. Leyla düşünürdü. Osmanlıların düşmənləri sırasında oturduğundan öz-özünə nifrət bəsləyirdi: onun öz əmisinə və Biçeraxova qarşı bəslədiyi gizli nifrət böyüməyə və qəlbinə sığmamağa başlamışdı. O, nə olur-olsun türklərlə əlaqəyə girmək və bu məsələləri onlara yetirməyi qət etmişdi. Yemək bitdi. Süfrə başındakılar kiçik qruplara bölünərək salonu gəzişərkən, Biçeraxov ilə missiyanın sədri Denster-Vil də kiçik bir stol başında oturub konyak içməklə məşğul idilər. Leyla xanımın tərcüməsi ilə lazımi məsələləri müzakirə edirdilər. * * * XXXVIII. Kirmanşahdan Həmədana İngilis missiyası köçüb Həmədana getdikdən sonra Biçeraxov da nəqliyyat işlərini düzəltməyə və öz dəstəsini yola çıxarmağa hazırlaşırdı. Biçeraxovla ingilislərin müqavilənaməsi rəsmi şəklə salınmasa belə, məsələlər tamamilə danışılıb qurtarmışdı. İngilislərlə görüşdükdən sonra Biçeraxovun maliyyə məsələsi də düzəlməyə başlamışdı. Biçeraxov Kirmanşahdan Həmədana köçmək istədiyi zaman, Kirmanşahda qalmış Baratov saldatlarını, xüsusən zabitlərdən bir çoxunu öz dəstəsinə qəbul edirdi. Bütün bu hərəkətlər Biçeraxovun gələcəkdə hərbi hərəkata girişəcəyini göstərirdi. Ordudan geri qalanlar və öz məmləkətinə getmək istəməyənlər səhərdən axşama qədər Biçeraxov ərkani-hərbi yerləşən binanın qarşısını kəsib özünü qeyd etdirirdi. Saldatlar ümumi ordu qanunu üzrə, zabitlər isə xüsusi müqavilələrlə Biçeraxovun dəstəsinə daxil olurdular. Martın birində verilən xəbərdarlığa görə Biçeraxovun dəstəsi ayın yeddisinə qədər Kirmanşahı boşaltmalı idi, çünki bu gün ingilislərin Bağdad qarnizonunun kiçik bir hissəsi Kirmanşaha gələcək və Biçeraxovun boşaltdığı şəhəri işğal edəcəkdi. İngilislərlə Biçeraxov arasındakı sazişə görə, Biçeraxov, İran torpaqlarını, İran hökumətinə deyil, ingilislərə təhvil verməli idi. İngilislər bu plan vasitəsilə Bağdaddan Bakıya qədər olan uzun məsafəni öz əllərində saxlayacaq, Bakıda alman-türk ordusu ilə müharibəyə girişəcək, ingilis qüvvələrinin arxasını təmin edəcəkdilər. Martın 7-də səhər saat beşdə, Leyla xanım və Savlayevi Həmədana aparası maşın, yerevanlı Kəblə Cəlilin qapısında durub siqnal verirdi. Maşında Leyla xanım, Savlayev və bunlarla iki nəfər kazak oturmuşdu. Maşın hərəkət etdiyi zaman hələ gün çıxmamışdı. Kürdüstan gecəsinə məxsus qış ayazları ağlayır dı, kiçik buz parçalarından ibarət olan göz yaşlarını, ağ kəfənə bürünmüş xaraba şəhərin köksünə tökürdü. İqtisadiyyat, siyasət, mədəniyyət və mənəviyyatca ölmüş şəhər, çar ordusu təpikləri altından çıxdığı günü, ingilis cahankirlərinin ayağı altında tapdanacağını hiss edərək, son nəfəsini çəkirdi. Küçələrdə kimsə yox idi, nə tacirləri bazara daşıyan, nə də karvansaralardan çöllərə peyin aparan uzunqulaqlar küçələrdə görünürdü. Hamamlardan, qüsl edib dua oxuya-oxuya çıxanlardan və gəlib-gedəndən pay istəyən dilənçilərdən başqa heç kəs yox idi. Dilənçilər soyuqdan barmaqlarını ağzına soxub hovxurur, ayağının birini qaldırıb, birini qoyurdu. Savlayevin maşını, Bəhram şahın zamanından qalmış xaraba şəhərin yanından keçdikdə, buzlanmış at çəmdəklərindən bir şey qopara bilməyən ac köpəklər, maşının dalınca hürürdü. Maşını təqib edib hürən köpəklər sanki bununla: «Rədd olun, çar köpəkləri! Ölkədə gəmirmək üçün sümük də qoymadınız!»—deyirdi. Köpəklər maşından əl çəkmirdi. Maşın, qədim sarayın xaraba kərpicləri üzərində yürüdüyü zaman, yenə də köpəklər yüyürür və hürürdü. Nəhayət, Savlayev mauzerini çəkib köpəklərdən ikisini vurdu, bununla da çar istilası tarixinin son səhifəsi bitdi. Kirmanşahda adi bir hal almış vəba və taun xəstəliyi nəticəsində genişlənmiş böyük bir qəbiristan bitmək bilmirdi. Maşın yürüdükcə üzərinə qar düşmüş mərmər baş daşları da sanki kəfəni başında qalxan ölülər kimi, Savlayevə gülərək deyirdi: «Gedin, canilər! Siz hər yerə ölüm, fəlakət aparırsınız!» Maşın Kirmanşah çayı körpüsünü kəsib Bisütun dağlarını salamlamaq üçün sürətlə yürüyürdü. Hava qaşqabağını sallamışdı. Sanki yeni bir hadisə üçün hazırlaşırdı. Şofer maşını Bisütun dağındakı qədim yazılı daşın yanında saxladı. Leyla başını maşının pəncərəsindən çıxarıb, yüzlərcə qalib və məğlubları ötürən daş rəsmləri gözdən keçirtdi. Miladdan qabaq yazılmış bu daşın nədən ibarət olduğu barəsində düşündü. Savlayevin maşını, Həmədandan Kirmanşaha gələn dəvə karvanlarına Bisütunda təsadüf etdi. Karvan xalqı irəli getməyi məsləhət görmədi. Bisütunda, Şahabbas karvansarasında düşüb, gecəni qalmağı məsləhət gördülər. Çünki qabaqda qar, tufan başlamışdı. Savlayev gecə orada qalmağa cürət etmədi. Çünki şimaldakı kürd kəndləri əvvəldən də çar ordusuna tabe olmurdular. Xüsusən Biçeraxov ordusu Kirmanşahdan çəkildikdən sonra kürdlər yollarda hökmranlıq edirdilər. Savlayev güman edirdi ki, onlar Biçeraxov dəstəsinin son hissələrinə qoşulub qorxulu yollardan keçəcəkdi. Lakin Savlayevin gümanı düz çıxmadı. Dəstənin son hissəsi gecə saat dörddə yola düşüb Kənkavərə getmişdi. Onları yaxın telefon məntəqələri vasitəsilə dayandırmaq və yaxud kömək üçün yola bir qədər atlı çıxarmaq da mümkün deyildi. Çünki son dəstə hərəkət etdiyi zaman telefon məntəqələrini də təsviyə edib aparatları aparmışdılar. Savlayev nicatı irəli getməkdə görürdü. Maşın türklər tərəfindən partladılmış və ruslar tərəfindən təmir edilmiş əski körpünü ötərək Bisütunu arxada buraxdı. Maşın sürətlə getdikcə, irəlidə şiddətlənməkdə olan qarlı tufana yaxınlaşırdı. Baratov ordusu tərəfindən düzəldilmiş Qəzvin—Kirmanşah şose yolu vasitəsilə getmək çox da çətin deyildi. Lakin Kirmanşahdan başlayaraq Həmədana qədər şiddətli qar yağması, 165 kilometr yolu bir gün ərzində getmək ümidini vermirdi. Qar şiddətlə yağırdı. Böyük və qanlı müharibələr meydanı kəsilmiş «səhnə» dairəsi, osmanlı və çar ordusu tərəfindən əldən-ələ keçərək dağılmış kəndlər, qalın qar yorğanına bürünüb uyuyurdu. Örtüsüz pəncərələr, tüstüsüz bacalar ağzını açaraq, xarabalıqlar yaradan cahankir ordulara dastan oxuyurdu. Qarlı küləklər, səhərdən axşama qədər gəlib-gedən karvanların izini itirmiş və şose yolundan bir əsər qoymamışdı. Şofer Safonov maşını Kənkavərdə saxladı və dedi: – Cənab miralay, irəli getmək qorxuludur. Kənkavərdə gecələməkdən başqa çarəmiz yoxdur. Savlayev boyun qaçırmadı. Çünki qalın kürklərin içərisində olduğuna baxmayaraq, Bağdadın ilıq havasında bəslənmiş Leyla xanım donmaq üzrə idi. Leyla xanım da Kənkavərdə gecələməyi məsləhət görürdü. Lakin burada gecələmək, maşındakıları soyuqdan müdafiə etsə də, ölümdən müdafiə edə bilməyəcəkdi. Çünki kazak dəstəsinin son hissəsi Kənkavərdə olduğu zaman, başıpozuqluq edərək evlərə soxulmuş, xalqı talan etmişdi. Buna görə də yerli camaat silaha sarılıb üsyan etmiş və kazakları qovub Kənkavərdən çıxarmışdı. Bu xəbər Savlayevi çıxılmaz vəziyyətdə qoydu. O, nə edəcəyini bilmirdi. Geri qayıtmaq da mümkün deyildi. O bir az düşünərək Safonovu səslədi: – Sür, oğlum! Bizi görmək istəməyən yerli xalqın əlində ölməkdənsə, qar altında ölmək məsləhətdir. Texnika ilə acıqlı təbiət mübarizəyə başladı. Gecənin qaranlığında geniş düzləri bürümüş qardan başqa heç bir şey görünmürdü. Kənkavər artıq arxada buraxılmışdı. Qalın və arası kəsilməz qarları, şiddətli küləklər müşayiət etməkdə idi. Külək maşının ətrafında qar təpələri düzəldirdi. Maşın hərəkət etməkdən aciz idi. Maşının parlaq fənarı üzərinə un və toz qonmuş dəyirman lampası kimi saralmaqda idi. Fənarların üzünü qar bürümüşdü. Mart tufanları, sanki İran kəndlisinin kürəyini minlərcə qamçı və tüfəng qundağı ilə əzən və İraqı İngiltərə cahankirlərinə yedirmək üçün qanlar tökən, minlərcə kəndləri xaraba qoyan Baratov, Biçeraxov və Savlayevlərə qarşı intiqam deyə bağırırdı. Maşındakıların hamısı can qeydinə qalmışdı. Leyla xanım donur və titrəyirdi. Sağdan, soldan və qarşıdan bir neçə güllə açıldı. Maşın hərəkətini azaldaraq dayandı. Leyla maşında uzandı. Savlayev şoferi səslədi: – Nə üçün saxladın?! Sür, qorxma!—Maşın yerindən tərpənmədi. Safonov başını rula söykəyib həmişəlik yatmışdı. Çünki maşını qarət etmək istəyənlər əvvəlcə şofer Safonovu vurmuşdular. Hər tərəfdən güllə açılırdı. Leyla kürkü başına çəkərək uzandığı vaxt, Savlayev və iki nəfər də kazak maşından düşərək atışmağa başladılar. Atışma fayda vermədi, çünki maşına hücum edən dəstələr, qaranlıqdan və qar tufanlarından istifadə etməyi bacarırdılar. Kazakların ikisi də vuruldu. Savlayev isə yaralı olduğuna və yerindən hərəkət edə bilməməsinə baxmayaraq mauzer güllələrini yağış kimi yağdırırdı. Quldurlar ölən kazakların silahını və paltarını soyaraq, maşına yaxın gəldikdə, bir qızın uzandığını gördülər. Maşını qarət etdilər və Leylanı da apardılar. Səhər saat 12-də Kirmanşahdan Həmədana gedən bir ingilis avtomobili yaralı Savlayevi maşında kürkə bürünmüş tapdı. Leyladan xəbər yox idi. * * * XXXIX. Hərəmxana Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı. Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı. Hərəmlərin hər biri qızı görməyə çalışır və işin həqiqətini öyrənməyə tələsirdi, lakin buna heç birisi nail ola bilmirdi, çünki yeni gətirilən qızı ancaq Mirzə Loğman həkim və bir də Əmiri-Əfxəmin özü görə bilirdi. Qızın yeməyi təzə təşkil olunmuş mətbəxdə bişirilir və yeni çağırılan xidmətçilər vasitəsilə aparılırdı. Əmiri-Əfxəm yeni gətirilən qız üçün başqa bir həyət ayırmışdı, oraya hərəmlərin və xidmətçilərin buraxılması qadağan edilmişdi. Qızın əl-ayağı buzlamış və özü də soyuqlamışdı. Mirzə Loğmanın onu sağaltmaq üçün çəkdiyi zəhmətlər, yavaş-yavaş səmərə verir və Leyla xanım özünü yaxşı hiss etməyə başlayırdı. Leyla birinci kərə gözünü açdığı zaman, indiyə qədər görmədiyi və «Min bir gecə» romanında təsadüf etdiyi bir hərəm otağını gördü. Onun yatdığı yorğan-döşək, bir çarpayıda deyil, ipək bir xalçanın üstündə açılmışdı. Evin divarları zərli boyalarla boyanmış, taxçaların hər birisində bir padşahın təsviri çəkilmişdi. Hər tərəfə baxdı. Fətəli şahın uzun saqqalını, Nadir şahın həris və doymaq bilməyən gözlərini və Nəsrəddin şahın uzun və kəşidə bığlarını gördü. Divarlarda «Bəhram-Gur»un şikarı, Xosrov və Şirinin məşiqələri, evin tavanında isə çılpaq və qanadlı qız şəkilləri bir-birinin yanına düzülmüşdü. Məxmər döşəklər, ipək çarşablara bağlanmış rəxtxablar, taqlarda düzülən kasa-boşqablar, yuxarı başdakı taxçada qoyulan qəlyanlar, ipək qotazlı pərdələr, «müqəddəslər»in şəkillərindən ibarət tablolar və sairləri gördükdə Leylanı heyrət götürdü və harada olduğu haqqında düşünməyə başladı. Onun yatacağından bir az kənarda, döşəyin üzərində bardaş qurub əyləşən bir adam qəlyan çəkirdi. Leyla uzun dəqiqələr onu nəzərdən keçirtdi, bu adam hərəmxananın sahibi, onun təşkilatçısı və Həmədanın məşhur mülkədar və sərvətdarı sayılan Əmiri-Əfxəm idi. Əmiri-Əfxəm qəlyanı sümürüb tüstüsünü burnunun deşiklərindən çıxardığı zaman, sanki bir hovuzun ortasında qoyulmuş meymun heykəlinin burnundan su tökülürdü, onun yekə başı qırxılmış, alnı qısa və dərin çizkili, üzü qırxılmış, bığları uzun, buğda sünbülü kimi sarı və seyrək, arıqlamış buxağı saqqa quşunun boğazı kimi tuluqlaşmış, qəlyan sümürməkdən gözlərini qan basmış və qarnı dalısına yapışmışdı. Leyla heyrətli gözləri ilə onu nəzərdən keçirdikdən sonra öz-özünə dedi: «Ax, aman allahım, mən nərədəyəm!» Əmiri-Əfxəm qəlyanının qəmişini ağzından çıxararaq: – Sizin təşrifiniz, öz evinizdədir,—dedi. Xudavəndi-aləmə çox şükür olsun, xanımı ölümdən qurtara bildik. İndi isə bütün var-dövlət və bu otaqlar xanımın ixtiyarındadır, bəndənin özü də xanımın ixtiyarındadır. Xanımın bəndəyə hər nə ki fərmayişi olmuş olsa, cabəca olunacaqdır. Göydə allah, yerdə də Mirzə Loğman xanıma şəfa verdi. Leylanın vücudu birdən-birə titrədi, o qorxusundan yorğanı başına çəkərək bir daha Əmiri-Əfxəmin üzünə baxmadı. Nahar vaxtı idi. Leyla xanımın xidmətinə təyin edilmiş Pəricahan xanım Leyla xanımın naharını bir məcməyidə gətirdi. Bu gün birinci kərə Əmiri-Əfxəmin özü də Leyla xanımın otağında nahar etmək istəyirdi. Lakin Leyla xanım başını yorğanın altından çıxarmadı. Əmiri-Əfxəm bir neçə dəqiqə oturub nahar məcməyisinə baxdı və sonra da Leyla xanımın yatdığı yerə baxaraq ayağa qalxdı: – Pəricahan, özün bilirsən ki, nə etmək lazımdır!—deyə yanlarını basa-basa eşiyə çıxdı. Pəricahan xanım Leylanın yorğanını başından qaldırıb: – Naharın soyudu,—dedi,—dərdin mənim canıma düşsün, dur! Dur naharını ye! Dur, bir də sən ağanın qəlbini sıxma. O səni evdəki xanımlarının hamısından artıq sevir, bütün Həmədan şəhəri sənin ixtiyarındadır. Allah öz nemətlərini sənə qismət eləyibdir. Ağa səni öz gözü kimi sevir. Gözünə qurban olum, dur, dur naharın soyudu. Leyla başını yorğanının altından çıxarıb soruşdu: – Mən haradayam? O kimdir? Sən nəçisən? – Gözünə qurban olum, allı-güllü qız. Sən indi bütün Həmədan şəhərinin sahibi Əmiri-Əfxəm kimi bir kişinin xanımısan. Bu evlər sənin öz evindir. Mən də ki, sənin qulluqçunam. Sənin ağrın mənim ürəyimə düşsün. Leyla başqa bir söz demədi, ancaq bir kərə: – Dur get!—dedi.—Bir də bu cür sözləri danışma! Mənim yanıma da gəlmə. Pəricahan xanım durub getdi. Leyla gözlərini qapayıb Kirmanşahdan çıxdığı və yolda quldurların əlinə düşdüyünü bir-bir xatırlayaraq düşünürsə də, buradan nə cür qurtaracağını bilmirdi. Əmiri-Əfxəmin hərəmləri bir-biri ilə çoxdan bəri danışmırdı. Leyla xanımın hərəmxanaya gətirilməsi hərəmxana xalqının barışması və uyuşmasına səbəb oldu. Onlar çoxdan bəri ümumi salona daxil olmamışdı, çünki on iki nəfərdən ibarət olan hərəmin heç biri o birisini görmək istəmirdi, lakin Leyla xanım hərəmxanaya gətirildikdən sonra, onlar bu barədə bir-birlərilə danışaraq bu barədə tədbir aramağa və həqiqəti öyrənməyə çalışır və barışırdılar. Bu gündən nahar yeməyindən sonra Əmiri-Əfxəmin baş hərəmi Qəndnabat xanım ümumi salona keçərək, öz həmişəki yerində, yuxarı başdakı məxmər döşəyin üstündə oturub qolunu yastığa söykədi və xidmətçisi Fatməbəyim xalanı çağırıb sifariş verdi: – Bu saatda gedib mənim çalıb oxuyanlarımı çağırarsan, qəlbim çox tutulubdur. Yasa ki, batmamışam. Mən çəkilib öz otağımda oturanda, bəzi ağzıköyçəklər deyir ki, Qəndnabat xanım qocalıbdır. Sən olasan imam Hüseynin qəbri, Fatməbəyim xala, doğrusunu söylə, mənim nəyim qocadır? Fatməbəyim xala Qəndnabat xanımın cavabını verməmişdən qabaq yüyürüb qapıya və pəncərəyə baxaraq qayıtdı, başını Qəndnabat xanıma tərəf uzadaraq dedi: – Dünyada gözəl bir can vardır ki, o da Əmiri-Əfxəmin evindədir. Ay başına dönüm, bu nə sözdür dilinə gətirirsən? Sənin nəyin qocadır? Hələ sənin bu evə gəlin gəldiyin 30 il deyil. Qəndnabat xanım bu sözdən ürəkləndi, durub aynanın qabağına keçdi, öz-özünə danışmağa başladı: – Hər nə deyirlər desinlər,—dedi,—mənim özümün də gözüm vardır. Cavan ilə qocaya təfavüt qoya bilərəm. Allaha şükür gözlərimə baxanda özümün də qanım qaynayır. Mən bu gözlərin mislini xanımların heç birisində görmürəm, elə mənim ağzımı və dodaqlarımı götürsəm yenə də baxanda adamın qarnı doyur, mənim kimi gözəlləri şəkildə çəkəndə, baxanlar deyir ki, bu gözəllikdə ancaq şəkil ola bilər. Əmiri-Əfxəmin özü də deyir ki, Qəndnabat xanım bir dənə idi, onu da xudavəndi-aləm mənə qismət elədi. Mən əbəs yerə özümə xor baxıram, bir halda ki, bir gün əvvəl Əmiri-Əfxəmin özü dedi ki, «sən mənim evimin ziynətisən». Bəs mənim boy-buxunuma nə deyirsən? Hərəmlərin hansı birisində bu cür boy-buxun vardır? Barmaqlarımın hər birisi bir qanfetdir. Qəndnabat xanım bu sözlərdən sonra saçlarını aralayıb gözdən keçirməyə başladı, saçlar sünbül kimi ara-sıra yetişməyə, bozarmağa başlamışdı. Doğrudan da bir çoxlarını düşündürən və həftələrcə yuxusuzluğuna səbəb olan gözlər də öz oynaqlığını itirmiş və şadlıqlara səbəb olan göz bəbəklərindən də ümidsizlik və həsrətlər yağmaqda idi. Damqan püstəsinin dəymişini andıran dodaqlar da Qəndnabat xanımın xatırladığı gənclik dodaqları deyildi, onlar artıq ağ mərmərdən düzəlmiş bir heykəlin dodaqları kimi xəndəsiz və cansız bir surətdə baxırdı. Qəndnabat xanımın ərə getdiyindən 30 il keçdiyinə və yaşının 44 ilə çatdığına baxmayaraq çox qoca görünürdü, çünki ər evində olduğu gündən bəri onun qəlbinə hər il bir böyük yara dəymişdi, Əmiri-Əfxəm hər il onun üstünə gənc bir qız və gözəl bir qadın almışdı. Qəndnabat xanım güzgü qarşısında bir çox sözlər dedikdən və öz tənasübi-əndamı haqqında tərif yağdırdıqdan sonra yenə də əvvəlki fikrinə qayıtdı. O artıq güzgü qarşısında hazırkı zamanını deyil, gənclik günlərini gördüyünü xatırlayaraq: – Ah! O zamanlar olsaydı!—dedi və qayıdıb döşəyin üstündə oturdu, o Əmiri-Əfxəmin başqa qadınları kimi hərəm həyatının ağırlığını çəkə bilmir və Əmiri-Əfxəmin tələbatına cavab verə bilmirdi; onun ruhunu oxşamağı və öz tərəfinə cəlb etməyi bacarmırdı. Əvvəllər hər on iki gündə bir kərə Qəndnabat xanımın otağına gələn Əmiri-Əfxəm, indi ayda və ya yarımda bir kərə də gəlmirdi, çünki Qəndnabat xanım Əmiri-Əfxəmə başqa qadınlar verdiyi nəşəni verə bilmirdi. Qəndnabat xanım nə kəklik kimi qəhqəhələr yağdırmağa, nə köbəkdən yuxarı duran ipək köynəyi geyib onun qarşısında oynamağa, nə də onun dodaqları altında bir aktrisa kimi inildəyib nazlanmağa və ilan dəymişlər kimi qıvrılmağa, nə də ələnərək Əmiri-Əfxəmi yalvartmağa həvəsi yox idi. Qəndnabat xanımın çalıb-oxuyanları içəri girdi. Qəndnabat xanım isə sanki düşüncələr dənizindən suyu süzülə-süzülə çıxıb məxmər döşəyin üstündə oturmuşdu. – Gəlin görüm!—dedi.—Bu gün mənim doğulan günümdür. Hər nə təzə şey bilirsinizsə ortalığa qoyun. Xoşavaz xanım kamançanın, Sərbülənd xanım tarın tellərini köklədi, Şərarə xanım isə dəfi əlinə götürüb qurutmaq üçün bir neçə kərə dolandırdı. Çalıb oxumaq başlandı. Şərarə xanımın oxuduqları Gəndnabat xanımın əylənməsinə deyil, ağlaması və kədərlənməsinə səbəb oldu: «Biya ki, qəsre-əməl səxt süst bünyadəst. Biyar badə ki, əyyami-ömr bərbadəst. Nişanu əhdü vəfa nist dər təbəssümü gül, Bunal, bülbüli-miskin ki çayu fəryadəst». Bədbinliklər içərisində boğulan şərq ədəbiyyatı öz nüfuzunu hərəmxanalarda yaşayan bədbəxt qadınlara, hərəmxanaların hava girə bilməyən dəmir barmaqlıqlı salonlarına qədər yetirə bilmişdi. Şərarə xanım oxuduqca ipəklər, altunlar və qiymətli daşlarla bəzənmiş canlı heykəllər düşünür, gələcəyində bir saadət olmadığını təyin edərək zahirdə yox, batində hönkür-hönkür ağlayırdı. Hər kəs içində ağlayır, zahirdə isə özünü rəqiblər qarşısında şad göstərmək məqsədi ilə də gülür və müstəar təbəssümlər yağdırırdı. Qamançanın səsi simlərdən deyil, ipəklər içərisində həbsə alınan gəncliyin yaralı qəlbindən çıxırdı. Əmiri-Əfxəm Leylanın otağında idi. Mirzə Loğman Leylanın müalicəsi ilə məşğul idi, hərəmlər otağından gələn musiqi səsi Əmiri-Əfxəmi maraqlandırdı, çünki o, iki ildən bəri öz hərəmlərinin bir yerə toplandığı və birlikdə əyləndiyini görməmişdi. O, Leylanın dərmanlarını verdikdən sonra qalxıb hərəmlər otağına gəldi, hərəmlər onu görən kimi ayağa qalxaraq vəziyyət və təvrlərini dəyişdilər. Hamısı başını çiyninə əyib durmuşdu. Əmiri-Əfxəm isə əlini belinə söykəyib cücə gözlərinə bənzəyən gözləri ilə onları sayır və nəzərdən keçirirdi, o bir kərə: – Oturun!—dedi.—Mən daima öz ailəmin şad olmasını arzu edirdim. Nədənsə siz, bir-iki ildən bəri bu şadlığı buraxmışdınız. Amma dərhəqiqət sizin hamınız bilməlisiniz ki, şadlıq həmədan məmləkətində ancaq sizin üçün yaradılmışdır. Xudavəndi-aləm öz naz-nemətini sizin haqqınızda firavan buyurmuşdur. Mən sizin üçün dünyada behişti-əlanı yaratmışam, oturun, xanımlar, oturun! Xanımların hər birisi öz döşəyinin üstündə oturdu. Əmiri-Əfxəm əlini bir-birinə çalan kimi, onun eşikdə duran gənc oğlan xidmətçiləri içəri girdi, Əmiri-Əfxəm onlardan birisini səsləyərək: – Məcid ağa, hazırlayın,—dedikdə, onlar çıxdı və bir azdan sonra bir yumru stol gətirib Əmiri-Əfxəmin qarşısında yerə qoydular. Başqa bir xidmətçi isə böyük bir məcməyidə gətirdiyi şeyləri üstünə atlas örtük çəkilmiş stolun üzərinə düzməyə başladı. Əmiri-Əfxəm bir neçə piyalə Yunanıstan konyakı içərək stol üzərinə düzülmüş şirin çərəklərdən yedi, sonra da çay gətirdilər, kiçik və mina qrafindəki lumu suyundan bir neçə qətrə stəkana töküb içdi və qəlyan istədi. Qəlyana bir-iki nəfəs vuraraq özünü hazırladı və hərəmlərə müraciətlə: – Bu günkü təşəbbüs hansı xanımın təşəbbüsüdür?—deyə soruşduqda hərəmlərin hamısı birdən başını çiynindən qaldıraraq: – Gəndnabat xanımın təşəbbüsüdür!—dedilər. Əmiri-Əfxəm məsələni dərhal anladı. Çünki Gəndnabat xanım öz adəti üzrə hərəmxanaya yeni bir hərəm daxil olduğu zaman öz kədərini dağıtmaq və qüssələrini pərdələmək üçün işrət məclisi düzəldərdi. Əmiri-Əfxəm bir piyalə də konyak içdi və: – Afərin olsun Gəndnabat xanıma!—dedi. Heç kəs danışmırdı. Bu adət hərəmlərə məxsus qanuni bir sükutdan ibarət idi. Hərəmlərin hamısı bir yerdə olduğu zaman, onların heç birisi danışmağa haqlı deyildi. Hərəm ancaq öz otağında yalnız olduğu və öz ərini növbət daxilində olaraq qəbul etdiyi zaman danışa bilərdi. Əmiri-Əfxəm hərəmlərin sükutunu pozmaq üçün yenə də danışdı: – Mən sizin bu günkü şadlığınızı təbrik edirəm və bunun üçün də hər birinizə min tümən bağışlayıram,—dedi. Adət üzrə yenə də bütün hərəmlərin tərəfindən baş hərəm cavab verməli idi, bunun üçün də Gəndnabat xanım cavab verdi: – Allah ağanın ömrünü artırsın!—dedi.—Allah ağanın kölgəsini bizim başımızın üstündən əskik etməsin. Bu sözlərdən sonra Əmiri-Əfxəm Şərarə xanıma müraciətlə: – Sizə də yüz tümən bağışlayıram!—dedi.—İndi bir az çalın, xanımlar oynasın. Gəndnabat xanımdan başqa hamı oynadı, çünki hərəmxana qanununa görə baş hərəm oturub oynayanlara tamaşa etməli idi. Oynadılar, çaldılar, Əmiri-Əfxəm də içib sərxoş oldu. O, ayağa durub getmək istədikdə, neçə gündən bəri demək istədiyi sözünü deyib getdi: – Sizə təzə bir qonaq da gəlmişdir. Yaşda hamınızdan kiçikdir. Ona hörmət etmək lazımdır. Əmiri-Əfxəm durub getdikdən sonra Gəndnabat xanım Şərarə xanıma müraciət edərək: – Gedə bilərsiniz. Kifayətdir!—dedi. Çalanlar və oxuyanlar durub getdi. Hərəmlərin hamısı öz yerində oturub düşünürdü, çünki onlar bu günə qədər Leyla xanımın Əmiri-Əfxəm üçün deyil, onun oğlu Səduddövlə üçün gətirildiyini düşünürdü. Gəndnabat xanım: – Siz məni anlayırsınız ki!—dedi və buna cavabla da hərəmlərin hamısı birdən: – Anlayırıq!—dedilər.—Sənin özün də bizim kimi, biz də sənin kimi, əlimizdən nə gələr? Gəndnabat xanım dedi: – Mən qızın Əmiri-Əfxəm üçün gətirildiyini bilirdim, amma qızın dirilməsinə heç də inanmırdım, çünki onun əl-ayağını soyuq aparmışdı, bunu Mirzə Loğman mənə xəlvətcə dedi. Buna görə də mən sizə demək istəmirdim. Lakin bir-iki gün bundan qabaq Mirzə Loğman dedi ki, qız yaxşı olur, özü də çox gözəldir. Əmiri-Əfxəm də onu ürəkdən sevir. Bundan sonra da mən sizi bir yerə yığmağı məsləhət gördüm. Əmiri-Əfxəmin ikinci hərəmi Külpirəhən xanım ipək köynəyinin qolu ilə gözünün yaşını silərək: – Bizim əlimizdən nə gələr?—dedi.—Biz Əmiri-Əfxəmə nə edə bilərik? Birini deyil, yüzünü gətirsə nə etmək olar?! Əmiri-Əfxəmin üçüncü hərəmi, səhnəli Süleyman ağanın qızı Nəcmüsəhər xanım sözə müdaxilə edərək: – Necə yəni Əmiri-Əfxəm nə bilərsə, edə bilər?—dedi.—Əvvələn odur ki, mən təzə gətirilən qızın barəsində çox yaxşı bilirəm. O mənim və sizin dırnağınız bərabərində də ola bilməz. İkincisi də budur ki, hərkah Əmiri-Əfxəm o qızla evlənsə və onu bizim içərimizə gətirsə mən özümü zəhərləyəcəyəm. Nəcmüsəhər xanımın bu sözündə Əmiri-Əfxəmin dördüncü hərəmi tehranlı qızı Simubər xanım gülərək: – Bəs nə üçün özünü zəhərləyirsən?—dedi.—Əcəba, təzə gələn xanımı zəhərləmək olmazmı? Bu sözdən beşinci hərəm Püstədəhən xanım danışaraq: – Mən də Simubər xanımın sözünə şərikəm. Bir zatı-südü naməlum qızdan ötrü özümü nə üçün zəhərləyəcəyəm? Biz hərkah o qızı zəhərləsək, Əmiri-Əfxəm bir qızdan ötrü 12 adamı asacağdırmı? Bu sözə Tacsər, Zibarux, Ruhrəvan, Sərəfraz, Səmənbu, Dürsədəf və Gəncələb xanımlar da qoşuldu. Gəndnabat xanım məsələnin müvəffəqiyyətinə inanaraq dedi: – İndi belədir, bu işi mənə tapşırın. Mirzə Loğmanı razı salmaq üçün də hər biriniz yüz tümən verməlisiniz. Mirzə Loğman o qızı bizim başımızdan rədd edə bilər. Çar ordusu boşaldan yerləri ingilislər işğal etmişdi, lakin işğal ordusunu taxıl və başqa şeylərlə təchiz etmək olduqca çətin bir şəkil almışdı. Çünki bir neçə kərə talanmış ölkədə yerli xalqın yeməyi üçün belə kifayət qədər taxıl yox idi. Taxıl ancaq mülkədarların və ehtikarçıların əlində idi, bunu ələ gətirmək üçün də ingilislər Həmədanda çürbəçər hiylələr yaratmağa başlamışdı ki, o hiylələrdən birisi də Kirmanşah və Həmədanda «acara yardım» komitəsi təşkil etmək hiyləsindən ibarət idi. Onlar bu vasitə ilə taxılları öz əllərinə keçirməyə çalışırdı. Lakin bu məsələ baş tutmurdu, əvvələn mülkədarlar və ehtikarçılar taxılı əldən buraxmaq istəmir, ikinci də İran hökuməti bu hiyləyə qəti surətdə maneə törədir və ingilislər üçün taxıl toplayan dəllalları çaşalandırırdı. Buna baxmayaraq ingilislər də öz növbəsində, yerli mülkədarları ələ almaqdan çəkinmirdi və Əmiri-Əfxəm kimi yüz minlərcə pud taxıla malik olan bir mülkədarı ələ gətirməyə çalışırdı. İngilis missiyasının sədri Denster-Vil hər iki gündə bir bəhanə edərək Əmiri-Əfxəmin ziyarətinə gedir və ona öz dövlətinin dostluğunu və hər ehtimala qarşı onu himayə etməyə hazır olduğunu bildirirdi. Bu gün yenə də Denster-Vil və onun yaveri Sonders Əmiri-Əfxəmin görüşünə gəlmişdi. Əmiri-Əfxəmin əlində olan taxılların heç olmazsa bir qismini ələ gətirmək üçün Denster-Vil çürbəçür söhbətlər ortalığa atırdı. Kah Bağdaddan Əmiri-Əfxəmə razılıq teleqramı gəldiyini, kah Əmiri-Əfxəmin ingilislərə göstərdiyi məhmannavazlıq haqqında kral həzrətlərinə yazdığını, Əmiri-Əfxəmin əmlakını hər ehtimala qarşı himayə altına alacağını söyləyirdi. Lakin bunların heç birisi Əmiri-Əfxəm tələb etdiyi qiymətin üzərindən bir şahı da olsa əskildə bilmədi. Bazarlıq davam edirdi. Bu halda gəlib Əmiri-Əfxəmi çağırdılar. Əmiri-Əfxəm bir dəqiqədə gedib qayıtdı və Denster-Vilə müraciətlə: – Xəstəmiz olduqca pərişandır,—dedi,—rica edirəm, bəlkə də sizin həkiminiz kömək göstərə bildi... Yarım saatdan sonra ingilis doktoru və kapitan Burnısqıl maşınla Əmiri-Əfxəmin evinə gəldi. O, Leyla xanımı görən kimi tanıdı, çünki Kirmanşahda mister Konionun evindəki ziyafətdə iştirak etdiklərindən sonra yenə bir neçə kərə görüşmüşdülər. Leyla qara saçlarına dolaşaraq ilan vuranlar kimi qıvrılırdı. Doktor lazımi yardımı verdi və Leyla xanımı ölümdən qurtardı, ingilis həkimi Burnısqıl Leylanın bu vəziyyətindən heç də maraqlanmadı və onun bu fəlakətə düşməsi səbəblərini də soruşmadı. Leyla xanım onun soyuqqanlılığını və yığışıb getmək istədiyini görüncə öz başına gətirilən fəlakəti ona söhbət elədi və nicat verməsini rica etdi. Leyla xanım bu ricaları etdiyi vaxt ingilis həkimi də etinasız bir surətdə şeylərini əl çamadanına yığmaqda idi. Nəhayət o tamamilə vidalaşıb getmək istərkən: – Bağışlarsınız!—dedi.—Sizin bu vəziyyətiniz hər bir kəsi düşündürəcək qədər ağır bir vəziyyətdir. Lakin iki mühüm səbəbə görə mən sizə nicat verə bilməyəcəyəm: əvvələn, siz ingilis deyilsiniz, ikincisi biz başqa və müstəqil bir hökumətin məmləkətindəyik. Biz heç vaxt müstəqil olan bir hökumətin daxili işinə qarışa bilmərik. Sizin məsələniz isə İranın daxili işləri cərgəsinə daxildir. Doktor Leyla xanıma bu sözləri dediyi zaman Əmiri-Əfxəm də içəri daxil oldu, həkim ona müraciətlə: – Bir daha ehtiyatlı olun! Sizin ev həkiminiz xanımınıza zəhər vermişdir!—deyərək vidalaşdı. Əmiri-Əfxəm ingilis həkimi ilə bərabər eşiyə çıxaraq onu yola saldı və həyətə qayıtdı, onun əmri ilə həyətdə bir kürsü qoyuldu. On dəqiqədən sonra Mirzə Loğman həkimi tapıb gətirdilər. Mirzə Loğman həyətdə qoyulan kürsüyə və yerdə qoyulan bir dəstə çubuğa, bir də Əmiri-Əfxəmin əmrinə hazır olan çubuq vuranlara baxdıqda məsələni anladı. Əmiri-Əfxəm: – Nəməkbəhəram, bu nə xəyanətdir?!—dedikdə, həkim məsələnin üzə çıxdığını anladı və qorxusundan səsini çıxarmadı. Bütün nökərlər həyətdə idi, hərəmlərin hamısı ipək pərdələrin dalısından gözlərini həyətə dikmişdi, hamının gözü Mirzə Loğmanın ağzında idi, vurulacaq çubuqların sayı hər kəsi maraqlandırırdı. Əmiri-Əfxəm bir kərə: – Beş yüz çubuq!—dedikdə həkimdən bir qışqırtı çıxdı: – Amandır! Mənim əhl-əyalıma rəhmin gəlsin,—dedi. Bu söz həkimin dodaqlarından çıxıb qurtarmamış onu nökərlər cücə kimi götürüb həyətin daşları üstünə saldılar. Həkim üzü üstündə uzanmışdı, bir nəfər onun köynəyini başına qədər çırmayıb başının üstündə oturdu. İkinci nökər isə tumanını ayaqlarına qədər dartıb ayaqlarının üstünə çökdü. Dörd nəfər isə sağda və solda durub növbətlə çubuq vururdu. Çubuqların miqdarını sayan «əlli!» sözünü dediyi za man həkimin qabırğaları parlamışdı, çubuqları qaldırdıqda qan həyətin daşları üzərinə səpilirdi. Həkim bir də səsləndi: – Əl saxlayın, ağaya təklikdə deyəcəyəm. Bu vaxt Əmiri-Əfxəmin baş hərəmi Gəndnabat xanım baxan pəncərənin pərdəsi sürətli bir surətdə salındı. Həkimin dağılmış bədəninin üstünə palaz parçası atıldığı zaman Gəndnabat xanım da Əmiri-Əfxəmin əmri ilə hərəmxanaya məxsus həbsxana otağına aparılırdı. * * * XL. Doktor Yusifidis Leyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi: – Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz? – Nə üçün deyə bilmirəm? – Sizin onlarla əlaqəniz vardırmı? – Mənim onlarla nə kimi bir əlaqəm ola bilər. Mən bir doktoram, onlar isə hərbi adam! – Doğrudur. Lakin mənim sizdən bir ricam var. – Nə kimi ricanız vardır?! – Bilmirəm, bu yaxşılığı edə biləcəksinizmi? – Hərkah əlimdən gələn bir iş olsa əsirkəmərəm. – Mənim Biçeraxovun hərbi dəstəsində bir əmim vardır. – Adı nədir? – Cənab Nurəddin bəydir. – Doğrusu, o dəstəyə yaxın deyiləm. – Bəlkə də o sağ deyil, çünki ona böyük bir fəlakət üz vermişdir. Hərkah o sağ deyilsə, mənim sifarişimi Biçeraxov cənablarının özünə də yetirmək mümkündür. Siz mənə bir yaxşılıq edin. Mənim bu ağır vəziyyətimi Biçeraxova anladın! – Nə kimi ağır vəziyyətinizi? Şükür ki, səhhətiniz özünüzə qayıdır. Cənab Əmiri-Əfxəm isə şəhərin birinci varlısı və nüfuzlusudur. Heç şübhə yoxdur ki, o sizi rahat yaşatmaq üçün əlindən gələni əsirkəməz. – Siz yaxşı düşünün! Məhv oluram, məni bu həbsxana əzəcəkdir. Məni məhv etmək üçün də bura gətirmişlər, məni məhv etmək üçün «Murad bəy dərəsi»nə köçürürlər. – Əcəba, siz Əmiri-Əfxəmin hərəmi deyilsinizmi? – Xeyr, məni bu evə yol kəsənlər gətirmişlər. – Necə yol kəsənlər? Nə söyləyirsiniz? – Bəli, yol kəsənlər! Doktor Yusifidis bir az düşünərək: – Söyləyin görüm!—dedi. Leyla uzandığı yerdə əlini qaldırıb başının altına qoydu və başına gələnləri söylədi. Doktor Leyla xanımı çox diqqətlə dinlədi və dedi: – Bəli! Sizin fəlakətiniz böyükdür. Sizə bu barədə yardım göstərməmək olmaz. Lakin bu da olduqca qorxuludur, ingilislər bir az şübhələndiyi adamı tutub birbaş Hindistana və Malta adasına göndərirlər. Elə gün yoxdur ki, bir yük maşını iranlı göndərilməsin, çünki bununla da ingilislər öz arxalarını təmin etməyə çalışırlar. Siz bilirsiniz ki, Əmiri-Əfxəm nə qədər nüfuzlu bir zatdır. O, ingilislərin ən yaxın adamıdır. İngilislər Əmiri-Əfxəmin sözü ilə bir nəfəri deyil, bir şəhəri və bir neçə kəndi də xaraba qoymağa hazırdırlar. Lakin yunanlı olduğuma baxmayaraq, türklər arasında yaşadığımdan məndə xalis bir türk ruhu var. Mən heç vaxt bir türk qızının məhv olmasına imkan vermərəm. Bunun müqabilində isə siz də öhdənizə bir vəzifə götürməlisiniz. Leyla soruşdu: – Nə kimi vəzifə? Əlimdən gələn bir vəzifə olsa, ifa etməyə hazıram. – Siz mənim arxadaşlığımdan heç bir zaman çəkinməyəcəksiniz və lazımi vaxtında mənə yardım göstərəcəksiniz. Leyla gözlərini doktorun sirlərlə dolu gözlərinə dikmişdi. O, titrək əlini uzadaraq doktorun əlini sıxdı və dedi: – Razıyam! Səmimi söz verirəm! Əmiri-Əfxəmin qapısında iki fayton durmuşdu, xidmətçilər faytonların içinə zərif xalçalar salırdı. İşsiz camaat isə vaxtını keçirmək üçün uzaqdan durub bu vəziyyətə tamaşa etməkdə idi. Lakin burada fövqəladə heç bir şey yox idi. Faytonlar, Əmiri-Əfxəmin özünə hərəm etmək üçün ələ gətirdiyi Leylanın «Murad bəy dərəsi» adlı yaylağa köçürmək üçün gəlmişdi. Faytonlar hazırlandığdan, çamadanlar və sair şeylər yerbəyer olduqdan sonra qara atlaz çarşaba bürünmüş bir qız çıxdı, iki nəfər xidmətçi qadın onun qolundan tutmuşdu. Faytona qadın oturanda dönüb ətrafı gözdən keçirir, kimi isə axtarırdı. Camaat qaçışmağa başladı, bu halda bir dəstə kazak Əmiri-Əfxəmin evini mühasirə etdi. Bir azdan sonra bir avtomobil qapıya yanaşdı. Bu zaman, Əmiri-Əfxəm də öz nökərləri ilə faytonun ətrafında durmuşdu. Leyla maşında Nurəddin Savlayevin gəldiyini görərkən: – Əmi can, sağmısan? Məni qurtar!—deyə başından çarşabını atdı, Nurəddin onu alıb maşına qoydu. Əmiri-Əfxəm həbs edilərək faytonda Biçeraxov ərkani-hərbinə götürüldü. Lakin onun evi hələ kazakların mühasirəsi altında idi. Nə içəriyə, nə də eşiyə kimsə buraxılmırdı! Bu xəbər bir anda Həmədana yayıldı. Əmiri-Əfxəmin evindən Biçeraxov ərkani-hərbi yerləşən binaya qədər bütün küçələr, camaatla dolmuşdu. Hadisəni hər kəs öz bildiyi kimi təbir edirdi. Məsələni öz xeyrinə uyğun bir şəkildə mənalandıranlar da vardı. – Çar kazakları axırda müsəlmanların evindən əvrətini çəkib aparır. Camaat, nəyə durub baxırsınız? Bəs sizin müsəlmanlıq namusunuz haradadır? Bu sözləri deyən Əmiri-Əfxəmin tərəfdarları idi. Başqa birisi buna cavab olaraq dedi: – Qoy çəkib aparsınlar, hələ içəridə on iki imamın adına on iki arvadı vardır. Onu allahın bəlası tutubdur. Xalq acından qarışqa kimi qırılır, amma bu haramzada əlli anbar buğdanın qapısını bərk-bərk bağlayıb deyir «dünya qırılıb qurtarmasa qapıları açmayacağam». Başqa birisi deyirdi: – Din əldən gedir, şəriətimiz xaricilərin ayağının altında paymal olur. Sənin kimi adamlar da öz qarınlarının hayına qalıblar. Bu saatda Nəcəf müctəhidlərinə teleqraf vurmaq lazımdır.—Başqa birisi də: – Çarçını bazara göndərmək lazımdır. Qoy camaat məscidə yığılsın. Bir nəfər də bu adamı dümsükləyib: – Bəs bizim öz hökumətimiz harada qalıbdır?—deyə soruşdu. – Çənəni boş qoyub yava-yava danışma. – Necə yəni yava-yava danışma? Balam, biz hansı ölkədəyik, hərkah bura İran torpağıdır, bəs hanı İran hökuməti?! – Savadın varmı? – Necə ki yoxdur? Əlbəttə vardır. – Farsca bilirsən ki? – Bəli, bilirəm! – Ay əblah, nə üçün uzun danışırsan. Bizim hökumət dünya müharibəsi başlandığı zaman, bir kərə demiş ki: «Ağa, ma bitərəfim!» İndi anladın ki?! Xalqın bu cür söhbətləri əsnasında Həmədanda olan İngiltərə missiyasının sədri Denster-Vil və yaveri miralay Sonders maşını ilə gəlib Biçeraxovun ərkani-hərbinə getdi, bunların ötməsi yenə də söhbətlərin mövzusunu dəyişmişdi. Birisi dedi: – İnsan rəiyyət də olsa ingilis rəiyyəti olmalıdır! Biçeraxov ərkani-hərbinin qapısında, camaat bir-birinin boynuna minirdi, içəridə nə kimi alışveriş getdiyindən heç kəsin xəbəri yox idi. Bir müddət sonra general və yaveri, Biçeraxov ərkani-hərbin dən çıxıb Əmiri-Əfxəmi ingilis maşınında öz evinə yola saldılar. İngilis dostları bu vəziyyəti görərkən, ağızlarını camaata açaraq: – Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd!—deyə ucadan qışqırdılar. Bu səs bütün Həmədan şəhərini titrətdi, sanki şəhərdə bir möcüzə baş vermişdi. Hər tərəfdən: «Zindəbad, padşah ingilisan» səsləri eşidilirdi. Generalın maşını çox yavaş gedirdi, çünki maşının ətrafında minlərcə ingilis tərəfdarları (anqlofillər) və ingilis casusları yürüyürdü. General bu səslərə cavab verməyə bilməzdi, o maşını saxlatdırıb ayağa qalxdı və ucadan: «Salamun ələyküm əhaliyi-Həmədan. Dövləti ingilisan həmiyi-həqiqiyi-müsəlmananəd!». Bu sözlər Həmədanın bikar və şüursuz xalqına müsbət təsir bağışladı. Camaat maşının çarxları altına soxulacaq qədər yaxında gedirdi. Generalın avtomobili Əmiri-Əfxəmi öz evinə qədər müşayiət etdi və eyni zamanda Biçeraxov da evin mühasirəsinə təyin edilmiş kazakları geri çağırdı. Əmiri-Əfxəm Biçeraxov ərkani-hərbində saat yarımdan artıq qalmadı, ingilislər bu az müddət içərisində Əmiri-Əfxəmlə bir ay müddətində həll etmədikləri bütün məsələləri həll etdilər. Əvvəl Biçeraxov Əmiri-Əfxəmə öz tələblərini təqdim etdi: Əmiri-Əfxəm martın 7-də qarət olunan avtomobilin zərəri hesabına 25 min tümən verməlidir. Avtomobildən aparılan hökumət şeylərinin hesabına 100 min tümən verməlidir. İki kazakın öldürülməsi üçün onların ailəsinə 50 min tümən verməlidir. Şofer Safonovun ailəsinə 25 min tümən verilməlidir. Leylanın oğurlanmasına və Əmiri-Əfxəmin onu almaq istədiyinə və ona zəhər verildiyinə cəza olaraq, Əmiri-Əfxəm 100 min tümən verməlidir. Savlayevin yaralanması və Əmiri-Əfxəmin bunda iştirakı və caniləri gizlətməsi üçün Əmiri-Əfxəm güllələnməli idi. İngilislərin təşəbbüsü sayəsində bu cəza 200 min tümən nəqd pul ilə əvəz edilir. Nurəddin Savlayevin yaralanması və onun xüsusi şeylərinin aparılması üçün 50 min tümən verməlidir. Göstərilən pullar üçün Əmiri-Əfxəm, ingilis bankında olan nəqd pullarına çek verdi. Hələ Əmiri-Əfxəm Biçeraxov ərkani-hərbində ikən pullar ingilis avtomobilləri ilə gətirilib Biçeraxova təhvil verildi. İngilislər isə bu sazişdə vasitəçi rolunu mükafatla öz öhdələrinə aldılar: Əmiri-Əfxəm ingilis himayəsinə qəbul edilir. Əmiri-Əfxəm ingilislərin Həmədanda təşkil etdiyi «aclara yardım» cəmiyyətinin fəxri sədri təyin edilir. Əmiri-Əfxəm Həmədanda üç, Kənkavərdə iki, Əsədabadda isə bir taxıl anbarını taxıllar ilə bərabər «aclara yardım» cəmiyyətinin ixtiyarına verir. Əmiri-Əfxəm öz ixtiyarında olan anbarlardan bazara taxıl çıxardığda, bazar qiymətindən 20 faiz güzəştlə ingilislərə satmalıdır. O, bütün əmanət pullarını ancaq ingilis bankında saxlamalıdır. Əmiri-Əfxəm ehtiyac hiss olunduğu vaxt ingilis qoşunlarını öz binalarında yerləşdirməli və buna qarşı binaların təmirinə lazım olan miqdar pulu, vəsiqələr təqdim etdikdən sonra almalıdır. İngilis hökuməti neçə İran, elə də başqa hökumətlər tərəfindən Əmiri-Əfxəmə qarşı hücum olunduğu zaman onu müdafiə etməlidir. Əmiri-Əfxəm özü istədiyi zaman İngiltərə təbəəliyini qəbul edə biləcəkdir. * * * XLI. Tez-tez görüşlər Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı: «Möhtərəm Leyla xanım! Mən çox təşəkkür edirəm ki, siz Əmiri-Əfxəmin həbsxanasından nicat tapdınız. İndi isə həmin həbsxanaya məni salmışlar. Dünən gecə saat 12-də gəlib məni evimdən apardılar. Əmiri-Əfxəmin əmrinə görə, məni anbara salıblar, nökərlərinin dediyinə görə məni sabah saat 12-də döydürəcəklər. Mən bu xəbəri sizə yetirmək üçün saatımı nökərlərin birinə vəd verib, məktub göndərdim, mümkünsə mənə kömək edin! Doktor Yusifidis». Leyla xanım bu məktubu oxudu, tükləri biz-biz oldu. Haman saat o ayağa qalxıb əmisini çağırdı və doktorun məktubunu göstərdi. Savlayev məktubu cibinə qoyaraq ərkani-hərbə getdi. Bir saat keçmədən Savlayev doktor Yusifidis ilə bərabər evə qayıtdı. Savlayevin Leylaya verdiyi məlumat üzrə Biçeraxov şəxsən özü işə müdaxilə edərək, Əmiri-Əfxəmə 2 maddədən ibarət tələbat verdi: Əmiri-Əfxəmin sazişə qarşı hərəkət edərək, Biçeraxov himayəsində olan doktoru həbs etdiyi üçün 25 min tümən cərimə olunması. Doktor Yusifidisə təhqir və həbs olunması üçün 5 min tümən nəqd pul verilməsi. Pullar yarım saat keçmədən gətirilib təhvil verildi. Biçeraxov doktor Yusifidisin Həmədanda qalıb çalışa bilməyəcəyini nəzərə alaraq, onu öz dəstəsinin xəstəxanasına qəbul etdi. Bu təyinatdan həm Leyla xanım, həm də doktorun özü razı qaldı. Bu günlərdən başlayaraq, doktor boş vaxtını Leyla xanımla keçirirdi. İstər doktor, istərsə Leyla xanım öz qəm və kədərlərini daima bir-birilə bölüşdürür, bir-birinin qeydinə qalırdılar. Bəzən doktor nahar və şam yeməyini də Savlayev və Leyla ilə birlikdə yeyirdi. Savlayev daima doktoru gördükdə: – Mən də, mənim qızım da sizə minnətdarıq.—deyərdi. Leylanın doktorla olan tanışlıq tarixi uzandıqca onların söhbətlərinin də məzmunu dəyişirdi. Onların əvvəlcə arqadaşlıq zəminəsində başlanan əlaqələri getdikcə sevgi münasibəti şəklini alırdı. Nəhayət, bu söhbətlər bir mərkəzdə, yəni sevgi mərkəzində dayanaraq yekrəng və yeknəsəq bir şəkil aldı. Leyla bu kimi söhbətləri əsas tutaraq doktora sual verdi: – Mənim söhbətlərim sizi yormadımı? Doktor dedi: – Mən gəncliyə aid bütün mənəvi ləzzətləri ancaq sizin söhbətlərinizdən alıram. – Nə edəcəksən?.. Siz bir rum, mənsə bir islam qızı, buna görə də söhbətlərimizin istiqbalı yox kimidir. Doktor bu sözdə Leylanın əllərini sığallayaraq dedi: – Mən zənn edirəm ki, danışdığınız sözlərə, qəlbiniz heç də razı deyildir. Çünki sevginin tanımadığı bir şey varsa, o da din fərqindən ibarətdir. Xüsusən sizin özünüz də sadə və avam qızlardan deyilsiniz. Söhbətlərimizin nəticəsizliyi və ya nəticəsi bizim özümüzdən asılıdır. İcazə versəydiniz, mən söhbətlərimizin səadətli bir istiqbal ilə nəticələnəcəyinə çalışardım. – Belə bir icazəni vermək üçün uzun müddət düşünmək lazımdır. Lakin bunu da deməliyəm ki, bizim bu yaxınlığımızın sevindirici bir gələcəyi yoxdur. Rum qızları türk ailələrində yaşayırsa da türk qızlarının rum ailələrində yaşaması indiyə qədər görünməmişdir. Kim bilir, bəlkə buna türklərlə rumlar arasında olan siyasi mübarizələr də təsir etmişdir. Hər halda bu məsələnin həlli uzun bir müddət tələb edir. – Mən sizin dönüb rum olmanızı təklifə cəsarət etmirəm. Lakin mənim bir türk gənci olmağım çox da çətin deyildir. Leyla bu sözlərdən, doktorun yanından qalxaraq: – Qüsur mənim özümdədir,—dedi,—çünki mən sizinlə sevgi söhbətini çox açıq və vaxtından əvvəl başladım. Leyla xanım doktorun ona bənd olduğunu və eyni zamanda sözlü bir adama bənzədiyini hiss edirdi. Doktor onun görüşünə çox tez-tez gəlirdi, bəzən ən sadə, ən adi və lazımsız işdən ötrü Leyla ilə görüşməyə çalışırdı. Leyla isə hər zaman doktoru görəndə deyirdi: – Sizin rumluğunuz mənə mane olmasaydı, mən sizə öz mühüm bir sirrimi verərdim. Nəhayət, bir neçə gün keçdi. Həmədanda tif xəstəliyi yayıldığından, doktor Yusifidis Leylaya iynə vurmağa gəldi. Leyla qolunu köynəyindən çıxardıqdan sonra doktorun içəri girməsinə icazə verdi. Doktor onun qoluna iynə vurarkən, bütün vücudu titrəyirdi. Leyla ona sual verdi: – Siz qorxurmusunuz? – Xeyr! – Bəs nə üçün titrəyirsiniz? – Bilmirəm. – Bilməmiş deyilsiniz, səbəbini deyin. – Mən deməyəcəyəm, qoy mənim qəlbimi bu hərəkətlərim və daxili inləyişlərim sizə oxusun. – Siz sevmiş bir adama bənzəyirsiniz. – Əcəba, bu günahmıdır? – Xeyr, günah deyil. Lakin mən bu sevginin kimə bəsləndiyindən xəbərdar deyiləm. – Xəbərdarsınız, lakin onun nə dərəcədə sarsıdıcı və əzabverici olduğundan xəbərdar deyilsiniz. – Siz öz sevdiyiniz bir şeyi mənim sevgimə fəda etməyincə mən sizə inanmayacağam. Bilmirəm, sizdə belə bir fədakarlıq cəsarəti vardırmı? Hərkah belə bir fədakarlığa meyliniz varsa, mən də sizə inanmağa və fədakarlıq göstərməyə söz verirəm. Doktorun vücudu əsdi. Leyla isə hələ öz qolunu köynəkdə gizlətməmişdi, doktor onun əlini tutaraq dedi: – Mən buna hazıram! Siz mənə inanın, öz qəlbinizi mənə verin. – Siz ingilislər ələyhinə mənimlə bir işləməyə söz verirsinizmi? Doktor gülümsünərək dedi: – Məqsədinizi anladım. Lakin bu düşmənliyin nə sahədə həyata keçirilməsini aydınlaşdırmalıyıq. – İngilislərin bu səfərinə əngəl törətməliyik. – Bundan nə nəticə çıxacaq? – Türklərin Bakıya hücumuna asanlıq yaratmaq lazımdır. Sizin mühüm vəzifəniz türklərlə əlaqəyə girməkdən ibarət olmalıdır, bunu həyata keçirə bilərmisiniz? – Bəli, həyata keçirə bilərəm. – İndi isə biz sizinlə əməkdaşlıq şərtlərini təyin etməliyik: Siz mənim sevgimin səmimi olmasına inanmalısınız. Siz bu sevginin nəticəsini ancaq vəzifəmizin qələbə ilə nəticələndiyi zaman görəcəksiniz. Sizin özünüz səbəb olmasanız, mən bu sevgini başqa bir sevgi ilə əvəz etməyəcəyəm. Qələbə gününə qədər bizim sevgimiz indiki nöqtədə durmalıdır. Siz heç vaxt bu çərçivədən kənara çıxmayacaqsınız. Siz heç bir zaman qısqanmayacaq və mənim azad hərəkətimə mane olmayacaqsınız. Mən özüm sizə söyləmədən, siz başqa-başqa işlərimin səbəbini soruşmayacaq və məndən hesab istəməyəcəksiniz. Bizim bu əlaqəmiz haqqında nə mənim əmim, nə də başqaları bilməməlidir. Belə bir hadisə üz versə, şübhəsiz ki, siz məndən əvvəl məhv olacaqsınız. Bunların hamısına razımısınız? – Razıyam! Doktorun bu sözündən sonra Leyla ipək köynəyinin qolunu salmaq istərkən: – Qolum çox ağrayır,—deyə çılpaq qolunu doktorun dodaqlarına uzatdı. * * * XLII. Qəzvində Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu. Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi. Biçeraxov Qəzvin şəhərini işğal etdikdən sonra Leyla da ingilislərlə bərabər köçüb Qəzvinə gəlmişdi. Aprel ayının ortalarında Qəzvin şəhərinə yeni ingilis qüvvələri gətirildi. Yeni gələnlər: general Bayron, mayor Key və hindistanlı şahzadə Bahadır xan idi. Onların şərəfinə verilən ziyafətdə Nurəddin Savlayev və Leyla xanım da iştirak edirdi. Əvvəlcə Hindistan şahzadəsi və ingilis kralının fəxri yaveri öz milli qiyafəsini və sarığındakı böyük almaz çığğasını əyərək Leyla xanımın əlindən öpdü. Şahzadə Bahadır xan onun türk qızı olduğunu anlayaraq yanından uzaqlaşmaq istəmədi. Bu vəziyyəti hiss edən general Denster-Vil, Biçeraxov və Nurəddin Savlayevi Bahadır xana bir daha təqdim etdi. – Bu cənab, hazırda bizimlə əməkdaşlıq edən Biçeraxov cənablarıdır. Bu cənab isə cənab Biçeraxovun müavini miralay Savlayevdir, o, eyni zamanda, Qəzvin hərbi polisinin rəisidir. Bu xanım isə cənab Savlayevin qardaşı qızıdır. Süfrə başında Bahadır xan Leylaya sual verdi: – Siz burada çoxmu qalacaqsınız? – Müəyyən bir söz deyə bilmərəm, çünki mən əmimin himayəsindəyəm, o, buradan nə vaxt Qafqaza köçsə, mən də köçməliyəm. – Demək ki, biz birlikdə getməliyik! – Şübhəsiz! – O zaman mənim üçün də həyat şən və yaxşı keçər. Mənim müsahibliyim yaxşı təsir bağışlarsa, özüm də şad olaram. Ziyafət süfrəsi bitdi. Bahadır xan Leylanın qolundan tutaraq Savlayevə yanaşıb dedi: – Sizlə arqadaşımız, eyni zamanda dindaşımız cənab Nurəddin bəylə tanış olduğumdan özümü xoşbəxt hesab edirəm! Mən ümid edirəm ki, bu tanışlıq yalnız Qafqaz səfərində deyil, mənim Hindistana qayıtdığım və Dehli tac-taxtını qəbul etdiyim zamanda da davam edəcəkdir. Nurəddin bəy özünü düzəltdi və yaver ilə tanışlıqdan çox məmnun qaldığını bildirdi. Hərə ziyafət salonundan çıxıb bir tərəfə getdi. General Denster-Vil Biçeraxovla birlikdə maşına oturub, ərkani-hərbə getdi. Çünki bu günlər Biçeraxovun Ənzəliyə yol açmaq üçün Mənçil şəhərinə hücum hazırlığı görülürdü. Bahadır xan isə Leyla xanımı öz maşınına qoyub evə yola saldıqda, Leyla doktor Yusifidisi də çağırıb Bahadır xanla tanış etdi: – Bu bizim xüsusi doktorumuzdur. Hərbi xəstəxananın müdiridir, özü də namuslu və səmimi bir zatdır. Birlikdə evə gəldilər. Bahadır xan vidalaşıb getdi, Leyla xanım ilə doktor Yusifidis isə oturub Türkiyə əks-kəşfiyyat bürosuna məktub yazdılar və ingilislərin, çar ordu hissələrinin bütün planlarını, hərbi vəziyyəti bildirdilər: «Bu günlərdə ingilislər Qəzvin şəhərini ingilisləşdirməyə başlamışlar. Məsələn, «Xəyabane-Şah Abbas» adlı küçənin adını dəyişib «Stafford» qoymuşlar. «Rəşt xəyabanı» küçəsi isə «Mançester» adlanmışdır. Biz bu barədə şəhər camaatına bir müraciətnamə buraxıb ingilislərin xəyanətini ifşa etdiksə də, bir nəticə vermədi, çünki mülkədar və əyanların hamısı bu işlərə etinasız baxır. Ziyalılarda isə bir hərəkət yoxdur. Şəhər əhalisinin çoxu alış-verişçidir. Bunlar əksəriyyətlə milli hərəkəti şəxsi mənfəətlərinə qarşı bir təhlükə hesab edirlər. İranlıları bir hərəkətə tabe tutmaq üçün iki vasitə lazımdır: silahlı qüvvə və şəxsi mənfəət! Çar hökuməti birinci, ingilis kralı isə ikinci vasitəni işlətməklə məqsədinə nail oldu; bizim əlimizdə isə bunların heç biri yoxdur. Hazırda iranlıların qulağına dindaşlıq məsələsi girmir, çünki bunlar dini və məzhəbi də şəxsi mənafelərinə yardım verə biləcək bir vasitə hesab edirlər. İranlıların ingilis və ruslar leyhinə işləməsinin ən başlıca səbəblərindən birisi də, onların birinci növbədə ruhaniləri əldə etmələrindən ibarətdir. Ruhanilər «İngilis və ruslar türklərdən yaxşıdır»—deyə camaat arasında təbliğat aparırlar. Yerli hökumət də osmanlı tərəfdarlığı məsələsində ingilislərin leyhinədir. Çünki osmanlıların Qəzvin və Kürdüstan tərəflərində görülməsi və onların türklər yerləşən ölkələrdə hakim olması, İran hökumətini dərin bir surətdə düşündürməkdədir. İran hökuməti var qüvvəsi ilə ingilislərin qalib gəlməsinə və türklərin İran Azərbaycanına yaxın gələ bilməməsinə çalışır. Buna görə də bizim ingilislər əleyhinə apardığımız təbliğat heç bir nəticə verə bilməz. Keçək Kiçikxan məsələsinə: Kiçikxan Qəzvin kimi bir şəhəri çox ucuz bir qiymətə ingilislərə verdi. Halbuki, Qəzvin camaatı Kiçikxana çox məhəbbət bəsləyirdi. Kiçikxan nə qədər tədbirsiz və siyasət aləmindən xəbərsiz bir zat olsa da iranlılar onu bir qəhrəman deyə tanımaqdadır. Çünki iranlılar öz içərisindən qəhrəman çıxarmağı və çıxartdığı qəhrəmanı da olduğundan artıq böyütməyi sevir. Bununla belə Kiçikxanın Qəzvin haqqındakı etinasızlığı Qəzvin xalqı arasındakı etibarını itirdi. Bu günlərdə məsələni sülh yolu ilə bitirmək üçün general Denster-Vil, miralay Stoksu ağ bayraqla Kiçikxanın yanına göndərir. Ümdə məqsəd Kiçikxanın qüvvələrini öyrənməkdən ibarətdir. Çünki Biçeraxov Mənçilə hücum etmək üçün sürətli bir surətdə hazırlanır. İngilislər, türk ordusu Bakını işğal etməkdən əvvəl özünü Bakıya yetirməyə tələsir. Qəzvinə mayor Keyin komandası ilə yeni ingilis qüvvələri gəlmişdir. Qəzvində nə qədər rus saldatı varsa, hamısı müəyyən maaşla Biçeraxov dəstəsinə daxil olmuşdur. İngilislərin 14-cü alayının bəzi hissələri «Sultanabad»da yerləşdirilmişdir. Qəzvindəki iki yüngül zirehli avtomobilə əlavə olaraq Həmədan şəhərindəki iki zirehli də gətirilmişdir. İngilis süvari qüvvələri bir eskadrondan artıq deyildir. İki kiçik kəşfiyyat təyyarəsi də mövcuddur. General Denster-Vilin aldığı teleqrama görə, bu günlər kral səhra topxanasının 8-ci batareyası da Qəzvinə gətiriləcəkdir. Qusar alayının bir hissəsi və Kənd alayının min nəfərlik piyadası da iki dağ batareyası ilə Həmədana gəlmiş və oradan Qəzvinə yola düşdüyünü xəbər vermişdir. İngilislərin canlı qüvvələri az olduğuna baxmayaraq mövcud olan hissələr mexanikləşmiş hissələrdir. Hazırda Qəzvin və Həmədanda beş yüzə qədər avtomaşın mövcuddur. Qəzvində olan dörd zirehli avtomobildən başqa, Həmədanda da dörd zirehli avtomobil vardır. Biçeraxovun Mənçilə başlayacağı hücumun planını hələlik ələ gətirmək mümkün olmamışdır. Yaxınlarda əldə edib göndərəcəyik. Bu gün ingilis əks-kəşfiyyatı, Qəzvin kəndlərində türk zabitlərinin Kiçikxan üçün qoşun hazırladığı xəbərini almışdır. General Denster-Vil onları həbs etdirmək üçün Biçeraxova əmr vermişdir». * * * XLIII. Qısqanclıq Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi. Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi: – Mədəni olmaq, cəmiyyət qadını olmaq, ziyalı davranmaq, qadınlarda seviləcək ən müsbət xasiyyətlərdəndir. Lakin bunu müəyyən bir çərçivə içərisində həyata keçirmək lazımdır, bunları həyata keçirmək istəyən hər bir qadın, hamıdan əvvəl qadın üçün lazım olan həya, vicdan və qadınla kişi fərqini bilməkdən ibarətdir. Sən şahzadə ilə bir həyətdə böyümüş iki məktəb yoldaşı kimi dolanırsan; daima onun əli sənin çiynində, sənin əlin isə onun yaxasında və çiynindədir. Sən onun yaxasındakı almaz düymələrlə əylənirsən, o isə sənin başındakı darağla oynayır. Sən heç də unutma ki, Bahadır xanlar bizim məqsədimizə heç bir kömək etməzlər. Türklərin mənfəəti üçün istifadə edəcəyimiz materialların hamısı bizim öz əlimizdədir. Biçeraxov ərkani-hərbi bizim üzümüzə açıq olduğu təqdirdə, Hindistan şahzadəsindən nə arayırsan? Doğrusu, bu vəziyyətə açımamaq və qısqanmamaq mümkün deyildir. Sənin Bahadır xana nişanlanmağın və ona ailə qurmaq üçün söz verməyin yalnız quru bir söhbətdən ibarət deyil, sən bunu yavaş-yavaş həyata keçirir və özünü Bahadır xana təslim etməyə hazırlaşırsan. Sən bütün bunları etdiyin halda, mənə də qısqanmamağı təvsiyyə edirsən. İndi sən özün söylə, biz beləmi danışmışdıq? Leyla heç də vüqarını pozmayaraq dedi: – Bəli, belə danışmadıq. Mən qısqanmamağı sənə ilk şərt qoymamışdımmı? – Nə şərait daxilində?.. – Mən sənə əvvəlcə demişəm ki, sən özün səbəb olmadan, mən bu sevgini başqa bir sevgi ilə əvəz etməyəcəyəm. – Edəcək bir şey qaldımı? – Sən nahaq elə düşünürsən? – Mən kiməm və nəciyəm? Mən hansı səbəblə sənə inana bilərəm? Nə vaxta qədər səni Bahadır xana tapşırıb evdən eşiyə çıxmalıyam. Sən məni öz məqsədin üçün alətmi etdin? Məncə bu vəziyyəti uzun zaman davam etdirmək mümkün olmayacaqdır. Bu vəziyyətə bir gənc insan dözə bilməz. Sən məni Dehli tac-təxtinə qurban verir və Hindistan məlankəsi namizədi olmaqdan məmnun qalırsansa, bütün vəzifələri buraxıb, alnına Hindistanın qiymətli daşlarını düzmək istəyirsənsə, o zaman bunu mənə açıq söyləməlisən. Bunun müqabilində söz verirəm ki, sənin bütün sirlərin mənim qəlbimdə qalacaq və bu sirləri mən qəbrə aparacağam. Leyla yenə vüqarını pozmadı, onu sakit edə biləcək cavablar verdi. – Hələ qəbrə getmək vaxtı deyil, əziz dostum! Biz ikimiz də, gəncik, bizə yaşamaq və məqsədimizi sona qədər davam etdirmək lazımdır. Mən səninlə tanış olduğumdan neçə gün sonra demişdim ki, inanmaq olan yerdə qısqanmaq yaramaz. Görünür ki, sən mənə inanmırsan. Lakin sən buna haqlı deyilsən, küsməyə də haqqın yoxdur. Mənə inan, nə mən Bahadır xana qismət olacağam, nə də Hindistan məlankəliyi mənə! Nə üçün o mənim yanıma gəlirkən sən qalxıb gedirsən? Əvvələn, o, bu hallardan şübhələnir, ikincisi, bu hərəkətinlə məni, kişiləri növbə ilə qəbul edən qızlar dərəcəsinə qədər alçaldırsan. Mən hələlik heç kəsin deyiləm. Sənə verdiyim vədlərə isə türklər ingilisləri məğlub etdiyi gündə vəfa edəcəyəm. Bildin ki? – Bəli, bildim! – Elə isə, yeni xəbərlər deyəcəyəm, otur! Kağız, qələm götür, yaz. Türkiyə ərkani-hərbinə verdiyimiz vədlərə əməl etməliyik, necə deyirəmsə elə də yaz. «Kiçikxan ingilislərin sülh təklifini rədd etdi. İndisə ingilislər Qəzvindən Xəzər dənizinə qədər olan yolları müharibə vasitəsi ilə açmalıdırlar. Biçeraxov iyunun 5-də Kiçikxanın Mənçil çəbhəsinə hücum etmək üçün Qəzvindən hərəkət edəcəkdir. Hücumda iki min atlı, üç min piyada kazak, dörd batareya top, bir eskadron ingilis atlısı, iki zirehli avtomobil iştirak edəcəkdir. İki ingilis təyyarəsi də Biçeraxovun ixtiyarına tapşırılmışdır. İyunun 11-də Mənçil məsələsi həll edilməlidir. İyunun 12-də Biçeraxovun qüvvələri, Mənçilin 8 kilometrliyində olan «Vali» mövqeyini işğal etməlidir. İngilislər Kiçikxanın mövqeyini və onun əlində olan canlı qüvvələri lazımi qədər öyrənmişlər. Biçeraxov ərkani-hərbində Kiçikxanın müvəffəqiyyət qazanacağına inanan azdır». Məktub yazılıb qurtardı, sonra da bu məktubun məzmununun Mənçilə, Kiçikxana göndərilməsi barəsində danışıldı. Doktor dedi: – Bu asandır, çünki Qəzvin—Mənçil telefon xətti bizim ixtiyarımızdadır. Telefon rəisi bizdədir. Doktor qalxıb getmək istərkən Bahadır xanın maşını qapıda dayandı. * * * XLIV. Bakıya doğru Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi. Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi. Menşevik, eser və daşnaqların bütün təlaşına baxmayaraq, Bakıda bolşevik hökmranlığı davam edirdi. İngilislər tez bir zamanda Bakıya gedəcəyi şübhəli idi. Çünki Kiçikxan məsələsi tamamilə həll edilməmişdi — o, yenə də öz taleyini sınamaq və Rəştə hücum etmək istəyirdi. Bunlardan da əlavə Rəşt şəhərində tif və vəba xəstəliyi şiddətlə yayılırdı. İstilərin şiddətinə dözmək də mümkün deyildi. Leyla xanım və Tiq-Çonsonun sevgilisi Raja Bahadır xanın məsləhətinə görə Həmədana qayıtmalı və istiləri «Muradbəy dərəsində» keçirməli idilər. Leyla razı deyildi, çünki türklərin Bakıya hücumu yaxınlaşırdı. Leyla isə Bakıya gedərək bu işdə çalışmaq istəyirdi. Tam bu günlərdə erməni milli sovetinin sədri Araratyan Bakıdan Ənzəliyə gəlmişdi. Araratyan qızların Həmədana göndərildiyini eşitdiyi zaman, şahzada Bahadır xan və Tiq-Çonsona müraciətlə qızları özü ilə bərabər Bakıya qonaq aparmağa icazə istədi. Qızlar özləri də buna razı olduqda, bu barədə qərar çıxarıldı. Leylanın təklifi üzərinə doktor Yusifidis də öz xidmətindən azad olunaraq onların xüsusi həkimi sifətilə Bakıya getməyə hazırlaşdı. Mayın 27-də, axşam saat dörddə Ənzəli limanında fövqəladə bir müşayiət təntənəsi düzəlmişdi. Qızları müşayiət etmək üçün 39-cu Britaniya briqadasının zabitləri, Qlaçester batalyonun yüksək rütbəliləri Stafford, Uçerçester və Varvik alaylarının miralayları tamamilə körpüyə yığılmışdı. Onların hər biri doktor Araratyanın əlini sıxıb vidalaşdıqda, qızlara hörmət edilməsini və istirahətlərinin təmin olunmasını rica edirdi. General Denster-Vil irəli gələrək, qızların əllərini öz əlinə alaraq: – Siz İngiltərə missiyasının Bakı səfəri tarixində dan ulduzu rolunu ifa edirsiniz. Mən ümid edirəm ki, dan ulduzları Bakı üfüqlərində görünən kimi, bir azdan sonra da Bakının üzərində bizim günəşimiz parlayacaqdır. Salamat gedin, övladlarım. Qızların mindiyi gəmi «urra» səsləri və gurultulu musiqi altında körpüdən ayrıldı. * * * XLV Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü. Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır. O, Hindistanda Dehli şəhərində doğulmuş, İngiltərədə təhsil almış, kral sarayında tərbiyələnmiş, nəhayət, Bakıda sevdiyi qızın əlilə Palçıq Vulkanı çəbhəsində öldürülmüşdür. Romanın ikinci tipi Əlisaus Yusifidisdir. Bu adam da İstambulun Böyük adasında doğulmuş, Sultaniyyə məktəbində tərbiyə almış, tibbi məktəbi bitirmiş, eyni zamanda Almaniyada osmanlı ataşeliyində xidmət etmiş və dünya müharibəsində İstambula çağırılaraq əks-kəşfiyyat bürosunun ixtiyarına verilməklə Həmədan şəhərinə göndərilmişdi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-doyusen-seher İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.