Dumanlı Təbriz Məmməd Səid Ordubadi (1872–1950) Dumanlı Təbriz (Altı pərdədən ibarət dram əsəri) Əsərdə iştirak edənlər 1. Səttar xan. 2. Bağır xan. 3. Qüdrət. 4. Tütünçü oğlu. 5. Zeynəb. 6. Cavad ağa. 7. Dilruba. 8. Cavahir. 9. Nina. 10. Həsənağa. 11. Əsəd. 12. Hacı Salman. 13. Hacı Mehdi. 14. Əlidadaş. 15. Davatkəroğlu. 16. Mülkədar. 17. Tağı bəy. 18. Dərvişoğlu. 19. Böyük xan. 20. Konsul. 21. Sərkərdə. 22. Kenekal. 23. Xidmətçi. 24. M. Cəfər. 25. Qapıçı. 26. Gönçələb xanım. 27. Dilənçi. 28. Falçı. 29. Oyuncaq satan. 30. Səhləbçi. 31. Çəkməsilən. 32. Xırdavatçı. 33. Baqqal. 34. Bıçaqçı. 35. Cəvahirçi. 36. Qənnadçı. 37. Çörəkçi. 38. Qatıqçı. 39. 1-ci mücahid. 40. 2-ci mücahid. 41. 3-cü mücahid. Fəhlələr, kəndlilər, mücahidlər, yük daşıyanlar, nökərlər, rəqqasələr, qadınlar, qızlar, qocalar. * * * Birinci pərdə Cənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və ikimərtəbəli damlar görünür. Mülkədarın yaşadığı binanın qarşısı. Uzaqdan top və tüfəng atışmalarının səsi gəlir. Yük daşıyanlar bir-birinin yanına düzülüb keçir. Mülkədarın silahlı adamları binanın ətrafında gəzişir. Hacı Salman — (yük daşıyanların yanınca Hacı Mehdi ilə bərabər söhbət edə-edə gəlir) Yox, belə olmaz! Hacı Mehdi ağa, bu məmləkətdə ticarət etmək mümkün olmayacaq. Hacı Mehdi — Nə kəndlisində hörmət, nə də fəhləsində sədaqət var. Hacı Salman — Necə yə’ni kənd ağasına bəhrə vermərəm?! Bunu harada demək olardı? Kimin əqlinə belə söz gələrdi?! Hacı Mehdi — Xalqa xəstəlik düşüb, bizi allahın bəlası tutub. (Top-tüfəng səsləri eşidilir). Bir tərəfdən mal qalıb yağışın altında, bir tərəfdən top-tüfəng səsləri dünyanı titrədir. Bircə bu malları tez Təbrizə çatdırsaydıq, min yaşardıq. Hacı Salman — Hacı Mehdi ağa, burada yubanmaq xətadır. (Yük daşıyanlara) Əminiz qadanızı alsın, bir az tərpənin! Hacı Mehdi — Başınıza dönüm, bir az cəld olun, ölmürsünüz ki? Hacı Salman — İtiniz olum, cəld olun! Biz kafir deyilik ki! Görürsünüz, mal qalıb yağışın altında. Hacı Mehdi — Qurbanınız olum, qıvraq olun! Hacı Salman — Ayağınız altında qurban kəsilim, cəld olun! Mülkədarın silahlı nökərləri özləri ilə bərabər bir dəstə qadınları, qızları və qocaları qabaqlarına qatıb gətirir. Əlidadaş — (əlində tüfəng xalqı vurur). Atam, çəkilin, gedin, qardaş, çəkilin gedin! A balam, meymun oynatmırıq ki, siz heç dustaq görməmisiniz? (Dustaqları mülkədarın qapısında saxlayırlar). A gədə, bu mallar inqilabçıların deyil ki? Hacı Salman — Allah eləməsin inqilabçıların olsun, Hacı Mehdi, nə inqilab? Əlidadaş — Söz soruşuram, mallar kimindir? Hacı Mehdi — Hacı Mehdi ağa Küzəkünaninin. Hacı Salman — Hacı Salman ağa Şəşkilaninin. Mülkədar — (gəlir) Hanı böyük bir kəndin adamı? Əlidadaş — Yeriyə bilən hər kim var, gətirmişəm. Kənddə ancaq qocalar, körpələr və xəstələr qalıb. Mülkədar — Bəs bu arvadların ərləri haradadır? Köpək oğlunun kəndi, arvad kəndi olmadı ki? Əlidadaş — Əlinə tüfəng götürən, balta götürən Səttar xanın köməyinə gedib. Mülkədar — (həyəcanla) Səttar xanın köməyinə gedib? Bəs hanı o köpəyin qızı? Tutub gətirə bilmədinmi? Əlidadaş — Ağanın başı üçün, özü kimi haramzada yoxdur, tutmaq mümkün olmadı. Davatkəroğlu bir neçə tüfəngli götürüb dalınca getdi. Mülkədar — (kəndli qadın və qocalara) Mən təbiətcə inqilabçıyam. Qan tökülməsinə də razı olmaram. Lakin təbiət siz kəndliləri alçaq yaradıb. Əlidadaş — Alçaq da var, alçaq da var. Daha beləsi yox axı?! Mülkədar — Mən sülh etmək üçün sizin yanınıza gəlmişdim. Lakin siz sülh etmək istəmədiniz, ərlərinizi, oğlanlarınızı Səttar xanın köməyinə göndərdiniz. Əlidadaş — (uzağa baxır) Odur Zeynəbi gətirirlər. Zeynəbi gətirirlər. Həyəcan başlanır. Hamı Zeynəb gələn tərəfə baxır. Mülkədar — Arvadları kişilərindən dikbaş haramzadalar. Camaat hər tərəfdən tamaşa üçün yığılır. Əlidadaş — (camaata) Atam, çəkilin! Qardaş, çəkilin! A balam, heç qaçaq görməmisiniz? Davatkəroğlu bir neçə nəfərlə Zeynəbi kişi paltarında ayağında dolaq və çarıq, qolları bağlı, saçları dağınıq halda gətirirlər. Davatkəroğlu — (Zeynəbi mülkədarın ayaqlarına atır) Ağanın başı üçün, bunu tutunçaya qədər canım boğazıma gəldi, necə yerdə qaçsa yaxşıdır? Əlidadaş — (Davatkəroğluna) Üzünü niyə bağlamısan? Davatkəroğlu — Sən öləsən, haramzada köpəyin qızı tüfəngin qundağı ilə az qala beynimi dağıtmışdı. Mülkədar — Eybi yoxdur, o öz cəzasına çatacaqdır. Zeynəb — Siz cəza vermək üçün yaranmışsınız, əlinizdən yaxşılıq gəlməz. Mülkədar — Dayan, dayan, səni dilindən dara çəkdirəcəyəm! Zeynəb — Mənim üçün ölüm qorxulu deyildir. Onsuz da dirilikdən bir şey görmədik. Amma alçaqlar əlində ölmək qorxuludur. Sizdən hər bir alçaqlığı gözləmək olar. Davatkəroğlu — (Əlidadaşa) Bunun dilinə bir bax! Mülkədar — Bu haramzadanı aparın Təbrizə. Orada asdıracağam. Qoy Səttar xan gəlib harayına çatsın. Bunları isə kənddən sürgün edin! Davatkəroğlu — Bax belə ha! Mülkədar — Evlərini yandırarsınız! Var-yoxlarını qarət edərsiniz! Aparın! Sən buradan uzaqlaşma, bir hadisə üz versə, mənə tez xəbər ver. Mülkədarın adamları kəndliləri aparırlar. Dilruba — Zeynəb! Zeynəb — (Dilrubaya) Qaç kəndə, qarı-qocaları evdən çıxarın, uşağıma sahiblik elə... Dilruba — Nigaran qalma, Zeynəb! (Getmək istəyir). Zeynəb — Dayan, Dilruba! Əhvalatı qardaşıma yaz, Qüdrətə. Bakı, Ramana mə’dənləri... Özün də çıx get Bakıya. Səni burada dinc qoymazlar. Dilruba — Yaxşı. (Gedir). Davatkəroğlu — (Əlidadaşa) Əlidadaş, qızı yaxşı nişanla, hər necə olsa, tutdurub gətirməlisən. Yaxşı bax! Aparın... Mülkədarın adamları Zeynəbi aparırlar. Hacı Mehdi — Bax, bu cürə adamlar xalqın evini yıxır. Anbarların qapısını bağlı, dükançının tərəzisini, bəzzazın arşınını tozlu qoyan bunlardır. Hacı Salman — (onu dümsükləyir). Gədə, Hacı Mehdi, yan-yörənə mültəfit ol! Hacı Mehdi sözünü dəyişir. Hacı Mehdi — Hə də. Məgər belələrinin evini yıxan eləliləri deyilmi? Dükançının tərəzisi, bəzzazın arşını, anbarın da ki, qapısı var. Davatkəroğlu — (onlara) Necə, necə?! Hacı Salman — Hə də... Biz tacirik, o mülkədar. Mülkədar bilər öz rəiyyəti... Tacir bilər öz müştərisi... Nə qiymətə keyfi istər, o qiymətə də satar. Hacı Mehdi — Əlbəttə ki... Qol rəiyyətin, kəndir ağanın, bağlar da özü bilər, açar da özü bilər. Davatkəroğlu gəzişir. Hacı Salman — (sözünü dəyişir). Hə də... Biz belə-belə işlərə qarışmaqdan ötrü qan tökməmişüx ki? Hacı Mehdi — Belə ha, bıçaq qəssabın, dəri qoyunun, soyar bizə nə, soymaz bizə nə... Hacı Salman — Vəssalam, şüd tamam. Göy allahın... Hacı Mehdi — Yer üzü padşahın... Hacı Salman — Torpaq mülkədarın! Hacı Mehdi — Ticarət də bizim... Davatkəroğlu — Burada dayanmayın. Gedin dünyanı başqa yerdə bölüşdürün. Hacı Salman — Baş üstə. (Gedərkən) Allah allahdır, padşah padşahdır... (o tərəf-bu tərəfə baxır). Hər ikisi — İnqilab da inqilab. Yük daşıyanlar — (şələ altında danışa-danışa keçirlər.) Bu yer çox qocadır, qanlarla yazılan tarixi vardır: Əyridir əzəldən fəzanın qəddi, Ölümdür həyatın yaxın sərhəddi... Hacı Mehdi — (sözünü dəyişir). Atam, demirsiniz inqilab eliyax, gəlin eliyax da... (Hacı Salmana). Gədə, niyə danışmırsan, inqilabçısan ya yox?! Hacı Salman — (başqa bir adam keçdiyini görüb ehtiyatla danışır) Olaram da, olmaram da, kimə nə dəxli var?! Niyə axı olum, niyə axı olmayım... Hacı Mehdi — Belə ha. Amma bə şərti ha, bə şüruti ha! Malımı da daşıtdıracağam, ticarətimi də eliyəcəyəm. İnqilabımı da eliyəcəyəm! Hacı Salman — Taxılımı da anbarıma dolduracağam... Hacı Mehdi — Qəndimi, çayımı, istiyotumu, darçın-zəncəfilimi də satacağam. İnqilabımı da... Hacı Salman — Gələn var! Hacı Mehdi — Əksinqilabımı da eliyəcəyəm... Hacı Salman — Niyə də inqilabçı olmayım axı?! Bəs nədən ötrü qan tökmüşük! Hacı Mehdi — Namazımı da qılacağam, oruçumu da tutacağam... Hacı Salman — Kərbalama, Xorasanıma, Məkkəmə də gedəcəyəm... Hacı Mehdi — Barakallah! Eyni zamanda inqilabımı da eliyəcəyəm. Hacı Salman — Canım ağzımdan çıxana qədər inqilabçıyam. Hacı Mehdi — Kəlməyi-şəhadətimi deyənə qədər inqilabçıyam. Niyə də olmayım axı?! Hacı Salman — Olmasaq da ki, olmaz. Hacı Mehdi — Olublar da. Hacı Salman — Olacaqlar da. Davatkəroğlu — (gəlir) Nə olacaqlar?! Hacı Mehdi — Əksinqilabçı! Davatkəroğlu — Belə ha... Hacı Mehdi — Olmasaq da ki olmaz. Hacı Salman — (o tərəfə-bu tərəfə baxır) İnqilabçıyam, amma bə şərti ha, bə şüruti ha... Hacı Mehdi — Bəli, bə şərti ha, bə şüruti ha, ticarətimə ki, toxundun, daha mən yoxam... Hacı Salman — Qəndimə... Hacı Mehdi — Çayıma... Hacı Salman — Daşıma! Hacı Mehdi — Tərəzimə... Hacı Salman — Daxılıma... Hacı Mehdi — Taxılıma... Hacı Salman — Anbarıma, ölçümə, arşınıma ki toxundun... İkisi birdən — Biz xudahafiz! (hər ikisi səhnədən uzaqlaşır. Qüdrət və Tütünçüoğlu gəlib, çamadanları qoyub dayanırlar). Qüdrət — On illər əvvəl gördüyüm yerlərdir. Qoçaman dağlar, bərəkətli düzlər, çiçəkli, səfalı çöllər... Eh, ilan kimi qıvrıla-qıvrıla axan Qanlıçay, bir ürəyi iki tərəfə parçalayan Araz çayı, sən nələr görmədin! Hansı qanlı hadisələrin şahidi olmadın? Davatkəroğlu — Əmi oğlu, adını bilmirəm. Bura nitq yeri deyil, keçib gedin! Tütünçüoğlu — Yol adamıyıq, qürbətdən gəlirik. Davatkəroğlu — Burdan Təbrizə heç bir kəs buraxılmır. Qüdrət — Nə üçün buraxılmır?! Davatkəroğlu — Ağanın əmri belədir. Kurhakuru eşitmirsən? Tütünçüoğlu — Kurhakurun bizə nə dəxli var? Biz burada dustaq qala bilmərik ki... Davatkəroğlu — Dustaq niyə qalırsınız. Araz çayının o tərəfinə keçməyə nə var ki?.. Qüdrət — Axı nə ilə keçək? Davatkəroğlu — Biz daha sizinçün çayı quruda bilmərik ki... Qüdrət — Azərbaycan xalqının göz yaşları olmasaydı, Araz çayı çoxdan qurumuşdu! Davatkəroğlu — (irəli gəlir) Qəribə adamlarsınız. Top səslərini eşidirsiniz, ya yox? Qüdrət — (top səslərini dinləyərək) Gecə ilə gündüz pəncələşir. Davatkəroğlu — (daha da yaxınlaşır.) Səttar xan gəlir! Tütünçüoğlu — Səttar xan kimdir? Davatkəroğlu — (gülür) İndi ki, Səttar xanı tanımırsan, daha nə deyim. Qanmadım, qələt elədim. (Uzaqdan gələn Əlidadaşı görərək, öz-özünə). O, boş gəlir, onun nə vecinə ki, mən ürəyimin qanını yeyirəm. (Əlidadaş gəlir). De görüm nə eylədin? Əlidadaş — Ağanın əmrini yerinə yetirdim. Davatkəroğlu — Bəs dediyim qız necə oldu? Əlidadaş — Sən öləsən, cin kimi yoxa çıxdı. Davatkəroğlu — Ömrümdə sənə bircə işim düşdü. Sən də belə... Əlidadaş — Mən nə edim, şeytan qızı şeytan, bir cin-bismillah olub göyə çəkildi. Uşaqlara tapşırmışam, göyə də çıxsa tutacaqlar. Davatkəroğlu — Qız buradan hara gedə bilərdi? Suyun o tərəfi də, bu tərəfi də bizim əlimizdədir. Başısoyuqluq elədin. Mən buradan ayrıla bilmirəm. Sən özün get qızın dalınca. Qorxuram qız özgə bir ələ düşsün. Sən bilirsən ki, mən onun üçün bu xarabada bənd olub qalmışam. Qüdrət — Eşitdinmi, burada mübarizə yalnız torpaq, su, həyat mübarizəsi deyildir. Burada xalqın qızlarını çöl heyvanları kimi ovlayırlar. Mülkədarın adamları Dilrubanı qucağında uşaq gətirirlər. Əlidadaş — (Davatkəroğluna) Müjdəmi ver, şikarı gətirirlər. Qüdrət — (Tütünçüoğluna) Bu qızı vəhşilərin əlində qoyub getmək namərdlikdir. Davatkəroğlu — O uşaq nədir? Qucağından alıb yerə atsana! Əlidadaş uşağı almaq istəyir, Dilruba vermir. Dilruba — (Əlidadaşa) Məni öldürün, ancaq bu uşağa əl vurmayın! Onun heç bir təqsiri yoxdur. Əlidadaş — Bura ver! Təqsiri yoxdur? Atası Səttar xanın dəstəsinə qoşulanın təqsirini biz yaxşı bilirik! (Uşağı zorla alıb bir tərəfə atır, Dilrubanı sürükləyib Davatkəroğlunun yanına aparmaq istərkən)... Dilruba — (getmək istəmir) Yalvarıram sənə, məni öldür, amma Davatkəroğlunun əlinə vermə. Davatkəroğlu — (irəli gəlir) Qız, nə qiyamət qoparmısan! Nə olub? Kimə ərə gedəcəksən ki, məndən yaxşı olsun? Bəri gəl, səadətin mənim əlimdədir. Dilruba — (Davatkəroğluna) Rədd ol, həyasız! Qüdrət — (irəli gəlir) Siz o köməksiz qızdan nə istəyirsiniz?! Əlidadaş — (Qüdrətə) Sus! Heç bilirsən danışdığın adam kimdir? Qüdrət — (acıqlanır) Geri çəkil, kimliyi ilə maraqlanmıram. Əlidadaş — Çox da ağzını dağıtma ha... Ona Davatkəroğlu deyərlər. Qüdrət — Nə oğlu olursa-olsun, ancaq adam oğlu olsun. Davatkəroğlu — (Qüdrətə yaxınlaşır) Mən sizə deyirəm, buradan çıxın gedin! Nə üçün başqasının işinə qarışırsınız? Qüdrət — Biz onu sizin əlinizdən qurtarmamış burdan getməyəcəyik. Əlidadaş — (Qüdrətin yaxasından tutur) Çəkil get! Əlimizi qana batırma! Tütünçüoğlu — (Əlidadaşa bir sillə vurur). Əlini çək, silahlı tülkü! Sənin əlin ancaq acizlərin qanına bata bilər. Əlidadaş və Tütünçüoğlu tapançalarını çıxarırlar. Davatkəroğlu — (Qüdrətə) Nə istəyirsən, dadaş? Qüdrət — Mən istəyirəm ki, sən o qızı azad buraxasan. Davatkəroğlu — Sənin özgənin nişanlısını əlindən almağa nə haqqın var? Dilruba — Yalan deyir (Qüdrətə). Ona inanmayın. Mən başqasına adaxlıyam. Qüdrət — (Davatkəroğluna və Əlidadaşa). Utanın, bir namusunuz-qeyrətiniz olsun! Bütün İran xalqı zalım Qacar xanədanına qarşı ayağa qalxıb. Sizi əsirlikdən qurtarmaq üçün inqilab dünyasının qəlbi çırpınır. Siz isə yenə şəhvətə can atırsınız. Dünyanı titrədən bu gurultular sizi qəflət yuxusundan qaldıra bilmədimi? Davatkəroğlu — (mülkədarın nökərlərinə) Hüseynəli, Qulaməli, Məmmədəli, Qasıməli, harada batdınız, gəlib bu qızı çəkib aparın! Tütünçüoğlu — Çəkilin! (Mülkədarın nökərlərini vurur. Davatkəroğlu və Əlidadaş qaçır). Qüdrət — (tapançanı çıxarıb kütlənin qarşısına gedir) Torpaqdan, sudan və azad həyatdan məhrum olan kəndlilər, top gurultuları sizi mübarizəyə çağırır. Camaat mülkədarın nökərlərinə hücum edir. Üsyana qarışırlar. Camaat malları talayır. Dilruba kütləyə qoşularaq gözdən itir. Vuruş gedir. Vuruş uzaqlaşıb səhnə arxasına keçir. Dilruba — (saçları dağınıq halda gəlir.) Onlar nə qədər igid, nə qədər mərhəmətlidir. (Qüdrətin ayaqlarına düşmək istəyir). Siz olmasaydınız, mən də, bu günahsız uşaq da məhv olacaqdıq. Qüdrət — Ana, qalxın, biz ayaq öpdürənlərlə mübarizə aparırıq... (Qüdrət onun əllərindən tutub qaldırır. Dilruba dağınıq saçlarını üzündən çəkdikdə, Qüdrət onu tanıyır). Ax, Dilruba! Mənim ruhum, nə qədər dəhşətli, nə qədər də şirin bir təsadüf! (Dilrubaya) Bu nə hadisədir? Dilruba — (ağlayır, başını Qüdrətin çiyninə qoyur) Qüdrət, bizi məhv etdilər... Qüdrət — Dilruba, uşaq kimindir? Dilruba — Bacın Zeynəbindir. Qüdrət — Bacımın başına bir fəlakətmi gəldi? Dilruba — Zeynəbi tutmaq istəyirdilər. O, qaçaq düşmüşdü. Bu gün tutub Təbrizə göndərdilər. Tütünçüoğlu — (gəlir) Mülkədarı tutmaq mümkün olmadı. Çılpaq ata minib qaçdı. Kütlə — Yanğın! Yandırdılar! Qaçın! Kəndli qadınları qaçır. Top səsləri eşidilir. Qüdrət — İnqilab şəhərinin köməyinə doğru irəli! Pərdə * * * İkinci pərdə Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir. Oyuncaq satan — Ay yaxşı şax-şax, banlayan xoruz!.. Səhləbçi — Zəncəfil çayı, hil çayı, titrədənə darçın çayı! Çəkməsilən — Ay gondarasını sildirən, ay mənə bir süftə verən! Xırdavatçı — Yazılı kəfən, səndəl, kündür, sidr-kafur. Bıçaqçı — İti qayçı, ülgüc, həcəmət... Xırdavatçı — Ərə gedənlər, evlənənlər üçündür... Baqqal — Səbzə, kişmiş, özü də bişmiş... Qənnadçı — Həlvayi-təntərani, ta nəxuri, nə dani... Çörəkçi — Gəl müştəri, gəl görək, tazadır xasa çörək... Baqqal — Ləbləbiyə gəl, taza-taza... Bıçaqçı — Sədəfli pistolet, aynalı qəmə... Qatıqçı — Gəl kasamasa, gəl kasamasa... Xırdavatçı — Saqqal darağı, qəddivə görə tuman bağı... Qənnadçı — Ay şəkər çörəyi yeyən, qorabiyə, rahətülhülqum... Davatkəroğlu — (alverçilərə) Buradan çəkilib gedin, alış-veriş vaxtı deyil. Dar ağaclarını görürsünüz, ya yox? Mülkədar — (gəlir, dar ağaclarını gözdən keçirir). — Bunlar nə üçündür? Mən özüm demokrat bir adamam. Davatkəroğlu — Ağa yalan buyurmur ki? Mülkədar — (dolanır) Başlarını salıb işləmədilər. Oradakılar kəndimi xaraba qoydu, buradakılar fabrikimi... Davatkəroğlu — Hə də. Maaşımızı qaldırın, deyə-deyə axırda özləri dar ağacına qalxdılar. Xırdavatçı — Yazılı kəfən, sidr-kafur istəyən! Baqqal — Səbzə, kişmiş, özü də bişmiş! Davatkəroğlu — (alverçilərə) Nanəcib uşağı! Demədim buradan rədd olub gedin! Mülkədar — Bu gün camaat ilə bir qədər yumşaq danışın. Necə dar ağacı olacaq? Davatkəroğlu — Buyurduğunuza görə beş dənə. Mülkədar — Artıq olsa yaxşıdır. Belə ki, bunlar başlayıb, kəndirə keçirilməli yüzlərlə baş tapacaqsınız. Beş nəfəri asdırmasam, beş yüz nəfərinə ibrət olmaz. Gədə, apar e’lanı da yapışdır qapıya, bu gündən e’tibarən fabriki bağlayıram (gedir). Çəkməsilən — Ay gondarasını sildirən, gəl bəri, gəl müştəri! Səhləbçi — Zəncəfil çayı, hil çayı, titrədənə darçın çayı... Qənnadçı — Həlvayi-təntərani, ta nəxuri, nə dani... Bıçaqçı — İti qayçı, ülgüc, həcəmət... Xırdavatçı — Qəlyan daşı, çubuq başı, çaxmaq daşı, yəhər qaşı... Cəvahirçi — Gözəl Mərənd corabı! Baqqal — Külabidir, külahi! Çəkməsilən — (yeşiyi baraban kimi çalır, oxuyur): Rəhim xan gəlir Təbrizə, Evin yıxılsın Məmədəli! Təbrizdə qan çıxır dizə, Evin yıxılsın Məmədəli! Davatkəroğlu — (ayağı ilə vurub yeşiyi atır). Köpək oğlu, bir də o sözləri oxusan, dilini kəsərəm! Cavad ağa — (fabrik tərəfə gəlir) Hanı sahibkar?! Davatkəroğlu — Dayan görüm axı! Hara sürhaylayırsan. Fabrik sənin üçün həzrət sahib məscidi deyil ki?! Cavad ağa — Nə olub, balam, nə belə xoruzlanırsan! Hər gün keçib getdiyimiz meydan deyilmi? Davatkəroğlu — Dayan, oradaca dayan! Fabrik bağlanıb. E’lana yaxşı-yaxşı bax! Cavad ağa — Mənə fabrik lazım deyil, fabrik sahibi lazımdır. Davatkəroğlu — Ağzına bax, danışmağına bax, guya ki, fabrik sahibi bunun üçün çayçı Məşədi Cəfərqulu imiş. Cavad ağa — Boşboğazlıq lazım deyil! Sahibkarı bura çağır, ona məktub gətirmişəm. Mülkədar gəlir. Mülkədar — Nədir, nə istəyirsən? Bəsdir axı, yüz kərə deyilib ki, fabrik bağlıdır. İş yoxdur, adamı bu qədər incitməzlər axı! Cavad ağa — İş istəyən yoxdur. Sərdari-millidən məktub gətirmişəm, buyurun (məktubu verir). Xırdavatçı — Çığara kağızı, batinka mazı... Baqqal — Ləpə, səbzə, kişmiş... Bıçaqçı — Ülgüc, həcəmət, neştər! Çəkməsilən — (oxuyur): Böyük nənən Ümmi-xaqan, Evin yıxılsın Məmədəli! Özün qeyrətdən pərişan, Evin yıxılsın Məmədəli! Mülkədar — Nə qədər iyrənc səsi var. Vur köpək oğlunu! Davatkəroğlu çəkməsiləni tapança ilə vurur, bazar xalqı qaçıb dağılışır. Davatkəroğlu — Ağız-burunlarına bax, çəkməsilənləri də Məmmədəli şahı bəyənmir! Mülkədar — (məktubu oxuyub Cavad ağaya) Get öz Sərdari-millinizə mənim dilimdən bu sözləri xəbər ver: Qaçaq Zeynəb asılmalıdır. O mənim rəiyyətimdir, onun kimi haramzadalar bir il bundan qabaq asılsaydı, bu gün yüzlərlə qızlar tüfəng götürüb mücahid olmazdı! Cavad ağa — Məktuba cavab yazın! Mülkədar — Hələ Səttar xan o dərəcəyə çatmayıb ki, mən ona cavab yazım. Cavahir — (üzündə ruband, Cavad ağaya yaxın gəlir) Fabrikin həyətində hökumət qoşunu durur, bir az ayıq olun! (Əlindəki corabları göstərir.) Cavad ağa — Bacı, corabların naxışı xoşuma gəlmədi. Səttara xəbər ver ki, məktubu rədd etdi. Keç-keç (gedir). Əlidadaş — (Davatkəroğluna) Bu gün Təbrizdən qan qoxusu gəlir. Davatkəroğlu — Bunlar hamısı keçər, de görüm Dilrubadan nə xəbər tutdun? Əlidadaş — Bir saat bundan qabaq Ayrançılar məhəlləsində gördüm. Sən öləsən, o tərəfdən gələn o tərəfdə, bu tərəfdən gələn də bu tərəfdə durub Dilrubanın hüsni-camalına tamaşa edirdi. Davatkəroğlu — Demə!, ürəyim parçalandı! Əlidadaş — Qız kənddə gördüyün qız deyil, zalım oğlunun Təbrizi ona başqa bir gözəllik verib. Davatkəroğlu — Əlidadaş, elə bil o yenə də mənim qabağımda durub ağlayır, deyir: «Gəl məndən əl çək. Mən sənin olmayacağam». Doğrudan da o mənim olmayacaq! Əlidadaş — Bu cür məsələləri ancaq dar ağacı həll edər. Əgər bu sabınlı kəndirin birisini də o Qüdrətin boynuna keçirə bilsək, qız səninkidir. Davatkəroğlu — İnana bilmirəm. Bu gün Səttar xan ilə üz-üzə gələcəyik. Ağadadaş, sən mənim ağanın yanında rəcəz oxumağıma bahma, özün bilirsən ki, biz Səttar xan meydanının adamı deyilik. Tütünçüoğlu dar ağaclarına baxa-baxa keçir. Əlidadaş — (ona) Hə, meylin varsa, buyur! Tütünçüoğlu — Sən kəndiri yaxşı sabınla. Bəlkə öz boynuna qismət oldu. Əlidadaş — Bu gün fabrikin qabağında görmədiyim adamları görürəm. Hacı Mehdi — (Hacı Salman ilə gəlir). Bu gün havanı çox xarab görürəm. Hacı Salman — Hava xarab olmasa, çibimiz abad olmaz. Sən o kəndirə yaxşı bax. O deyir ki, hər iğtişaşdan sonra taxılın üstünə gəl. Hacı Mehdi — Demək ki, bu günkü qiymət, xalvarı 25 tümən? Hacı Salman — Nə qiymətə istəsəm, satacağam. Göydən yağmır, yerdən bitmir. Hacı Mehdi — Əlbət ki, bitmir! Hacı Salman — Rəhmət bə valideyni-şuma. İndi ki, bunu bilirsən, nə səndə taxıl var, nə də məndə gənd. Qoy qalsın, vaxtı var. Baqqal — Xudaya, xudavənda, məndən hərəkət, səndən bərəkət. Xırdavatçı — Ey kor quşun ruzisini yuvasında yetirən xaliq! Mənə bir halal müştəri göndər. Fabrik işçiləri fabrikin qabağına yığışırlar. Davatkəroğlu — (işçilərə) Gedin, fabrik bağlıdır. Adama bir sözü neçə dəfə deyərlər?! Niyə işimizə mane olursunuz axı! Əlidadaş — (Davatkəroğluna yavaşdan) Qadanı alaram, aranı qarışdırma! Tütünçüoğlu — (Davatkəroğluna) İşiniz özünüzə layiq işdir. Cəlladlıq da yaman peşə deyil! Falçı — (şeylərini döşəyir yerə). Raml atıram, itən malları tapıram. Qaynanaların dilini bağlayıram. Qızların bəxtini açıram. Eşidin, hər bir əməldən sizə mən verməliyəm burada nişan, cümlə-cahan, elmimə, tədbirimə heyran. Tanıyın siz, mən özüm sakini-Təbriz, özüm bir qoca rəmmal, kimin xahişi olsa, açaram fal, həmişə mən mağara taparam, axtararam olsa itən mal, edərəm arvada cadu, quraram tas, tökərəm su, ərini sevməsə kər dilini bağlayaram. Çinlərə fərman yazaram, hansı gəlin qaynanadan etsə şikayət, verərəm mən işə dərhal nihayət, dilini bağlayaram qaynananın bir də danışmaz. Mənə etməzsə itaət, deyərəm çinlərə əlbət, o, danışqan qarının tezcə kəsər nəfəsini, bir də səsin qaldıra bilməz, gəlin qaynanaya söysə də, dinməz, açaram bəxtini bədbəxt olanın mən... Tütünçüoğlu — (falçıya) Sən bəxtləri açmaq əvəzinə əsirlərin qollarını aç! Falçı — Baba, siz qoyacaqsınız halal kəsbimizi edək? Əlidadaş — (fəhlələrə) Əzizlərim, gözümün işıqları, belə olmaz axı. Çıxıb gedin. Bu axırıncı kərədir, sonra özünüzdən küsün. Tağı bəy — (gəlir) Nə olub, a gədə, bu nə camaatdır?! Davatkəroğlu — Nə bilim? Bu gün qaçaq Zeynəbi asacaqlar. Dünya yığılıb bura. Tağı bəy — (Tütünçüoğluna) Ay Əsəd, belə olmaz axı. Gəlin çıxıb gedək işimizə. Zeynəb qaçaq, bizsə inqilabçı, onun bizə nə dəxli var?! De görüm, biz inqilabçıyıq ya yox?! Tütünçüoğlu — Hərkah məndən soruşsan, yox! Çünki sənin yolun inqilabçı yolu deyil! Tağı bəy — Anlamırsınız, uşaqsınız, yalvarmaq olan yerdə güc nə lazım?! Tütünçüoğlu — Çəkil geri, inqilabçı yalvarmaz! Dərvişoğlu — (səhnə arxasından). Bilin, agah olun, ey əhli-vətən: Qaçdım bu Cahanın əbədi şuru şərindən. Dil açmamışam dərdü qəmindən, kədərindən; Dünya nə demək, ver mənə cənnət xəbərindən: Düşdüm oda, yandım, dedim allaha təvəkkül! Hər yana dolandım, dedim allaha təvəkkül! Bəxtimdən usandım, dedim allaha təvəkkül! İqbalə inandım, dedim allaha təvəkkül... Tağı bəy — (Tütünçüoğluna) Sözün doğrusun Dərvişoğlu dedi: «Hər yanda dolandım, dedim allaha təvəkkül!..» Bu günün vəzifəsi budur, eşidirsən? Tütünçüoğlu — Eşidirəm, Dərviş Tağı! Hamı gülür. Tağı bəy — Ay camaat, siz bilirsiniz ki, mən inqilabçıyam. Sahibkar da yezid deyil ki, dinc adamı heç bir vaxt dara çəkməzlər. Tütünçüoğlu — Fəhlələr, yoxsullar! Sahibkar inqilabçılara çörək verməmək üçün fabriki bağladı. Siz Tağı bəy kimi adamların hiyləsinə aldanmayın. O, xalqın dostu deyil. Mücahid — Tütünçüoğlu düz deyir. Biz barışmayacağıq! 1-ci müçahid — Biz vuruşacağıq! 2-ci müçahid — Biz sahibkara küzəştə getmərux! Davatkəroğlu — (Tütünçüoğluna) Əsəd, yekə oğlansan axı! Niyə bu xalqı qırğına verirsən? Tütünçüoğlu — O sənin işin deyil! Tağı bəy — Ay Əsəd, xata olmadı ki, bir qədər Bakıda qalıb qayıtdın... Davatkəroğlu — Biz bu xalqın bədxahı deyilik ki. Tağı bəy — Belə ha. Ağadır. Bu gün kefi istər, fabriki bağlar. Sabah da kefi istər, açar. Qardaşım, insaf da yaxşı şeydir. Biz ağa ilə bərabər ətək dolusu pul tökub fabrik tikdirməmişux ki? 1-ci müçahid — Biz heç bir zaman ağanın keyfi ilə oynaya bilmərux! Hacı Mehdi — Ağanı istəmirux! Hacı Salman — Ağanı istəmirux! (Tərəfə) Nadürüst oğlu qoyacaq ki, malımızı bazarına salaq? Davatkəroğlu — Siz Təbrizi Bakı ayağına apar­mayın. Tütünçüoğlu — Bakı ilə Təbrizin nə fərqi var? Fabrik həman fabrik, fəhlələr həman fəhlə. Ehtiyac da həman ehtiyacdır! Davatkəroğlu — Elə isə bir azdan sonra gəl kəndiri asılanların boğazından aç. Yaxın gələnin qulaqlarını yerdən göbələk qopardan kimi qopardaram! Əlidadaş — Mən səni Təbrizdə qoysam, bu bığlar mənə haram olsun! 2-ci müçahid — Sahibkar, sahibkar! 3-çü müçahid — Sahibkar, sahibkar! Mülkədar — (qapıdan çıxır) Nə istəyirsiniz, nə hay-küydür? 3-çü müçahid — (irəli keçir) Həbsə alınanları burax! Mülkədar — Qoy hökumət gəlib mənimlə danışsın! Tütünçüoğlu — Hansı hökumət?! Mülkədar — Qacar hökuməti! Tütünçüoğlu — Biz Qacar hökumətini də, ona arxa verib, Azərbaycan yoxsullarını soyan cəlladları da, həris mülkədarları da məhv edəcəyik! (Yaxasından tutur). Yoldaşlarımızı burax! İşçilər — Yoldaşlarımızı burax! Fəhlələr mülkədara hücum edirlər. Mülkədarın silahlı adamları fəhlələri qovub fabrikin qabağından çıxarır. Mülkədar başı dağılmış halda qaçır. Tağı bəy — (tindən çıxır) Mənə Tağı bəy deyərlər. Yaşasın azadlıq deyib çağıranların hamısının adı buradadır. (Dəftəri göstərir.) Hacı Mehdi — (başını tindən çıxarıb baxır. Hacı Salman bu biri tindən səslənir) Buradayam, hacı... Hacı Salman — Necə gördün? Hacı Mehdi — Bu deyil, hələ dalısı var. Qələbə bizimkidir. Hacı Salman — Hansı qələbə? Biz kimik? Hacı Mehdi — Kimliyimiz yerinə görədir. Hacı Salman — Biz kimə qalib gəlirux? Kimlə vuruşurux? Hacı Mehdi — Biz vuruşmurux, bizim üçün vuruşurlar. Hacı Salman — Anlamadım! Hacı Mehdi — Yeri deyil, daha mən sənə burda vəzzariyyat oxuya bilmərəm ki! Hacı Salman — Yenə də olsun, ucundan-qulağından? Hacı Mehdi — Hansı tərəf qalib gəlsə, biz qalib gələrik. Yollar açılacaq, biz mallarımızı istədiyimiz bazarda, istədiyimiz qiymətə satacağıq. Hacı Salman — Hən də, insan ya gərək əksinqilabçı olsun, ya da ki, inqilabçı, yə’ni belə deyil?! Hacı Mehdi — Bə nəmənə? Hacı Salman — Hən də! Hacı Mehdi — İnqilab öz inqilabımızdır. Necə istəsək elə edərux. Tağı bəy — Belə ha! Mənim də dediyim budur. Əsil kişi sözü də budur. Öz inqilabımızı özümüz edərux. Mülkədar — (başı sarıqlı halda gəlir. Bir neçə çar bayrağı gətirir) Bu bayraqları vurun dar ağaclarının başına (alıb vururlar. Polislər meydanı camaatdan təmizləyir. Zeynəb və Cavad ağanı dara çəkmək üçün gətirirlər). 1-ci müçahid — Qaçaq Zeynəbi gətirirlər. Mülkədar — Camaat, bu qaçaq Zeynəbdir, buna baxıb ibrət alın. Mücahidlərin, qaçaqların axırı dar ağacıdır! Zeynəb — Camaat! Mən qaçaq Zeynəbəm. Mən nə yol kəsmişəm, nə adam öldürmüşəm, nə də yoxsul kəndlilərin son köynəyini çıxarmışam. Mülkədar — Tez kəndiri boğazına keçir! Zeynəb — Təbriz qadınları! Mən burada gördüyünüz insan ovlayanlar əlindən dağlara qaçmışdım. Məni tutdular. İndi məni, adam soyanlar, oğrular və xalqın düşmənləri asdırır. Cəllad məni asdırır. (Mülkədara) Mən sən kimi itlərin çoxunu öldürmüşəm. Mülkədar — Kəs bu bayquşun səsini! Tağı bəy — Səttar xan! Səttar xan gəlir. Hökumət qoşunu qaçır. Cavahir — Səttar xan gəlir! Mülkədar — (qaça-qaça) Konsula xəbər verin! Konsula xəbər verin! Konsula xəbər verin! Dilrüba — (qucağında Zeynəbin uşağı, qışqıra-qışqıra gəlir) Zeynəb, Zeynəb, Zeynəb! Zeynəb — (kəndir boğazına salınarkən) Oğul, balam! Dilrüba — (irəli gəlir) Qorxma, Zeynəb, Səttar xan gəlir! Davatkəroğlu — (Dilrubanı görüb əlləri süstləşir, kəndiri əlindən buraxır. Dilrubaya tərəf dönüb titrəyir) Ah, Dilrüba, mənim qatilim Dilrüba! Dilrüba — Burax, yaramaz! Zeynəb — (təpik ilə Davatkəroğlunu vurub yıxır). Çəkil, alçaq! Bazar adamı mülkədarın adamlarını daşa basırlar. Səttar xan dəstəsi ilə musiqi tərənnümləri altında gəlir. Səttar xan — (camaata) Azərbaycan xalqı! Əsirlik tarixinin vərəqlərini çırın! Qoy azadlıq deyə çağıran səslər qanlı Qacarın gülüstan saraylarını titrətsin! Qoy Azərbaycan xalqının sümükləri üstündə qurulan Qacar qəsri yerindən oynasın! Qoy dumanlı Təbrizin üfüqlərində şığıyan ildırımlar bütün Azərbaycan xalqının azadlıq yollarını işıqlandırsın!.. (Qılıncını çəkib irəli keçir. Hökumət qoşunlarını qovub meydandan çıxarırlar. Zeynəb Dilrubanı bağrına basır və uşağını qucağına alır). Səttar xan — (Zeynəbə) Sən indi qaçaq Zeynəb deyil, qoçaq Zeynəbsən! Tağı bəy — (gəlir) Tağı bəy dəstəsi məğlub olmaz! Mən Davatkəroğluna can verən oğul deyiləm! Hacı Salman — (gəlir) Biz adamın kürkünü yırtarux! Hacı Mehdi — İnqilabçı olmuşam da, olacağam da! Hacı Salman — Niyə də olmayım axı, gəl Hacı Mehdi, əlahəzrət imperatorun konsulu gəlir. Buludlar qalınlaşır. İnqilabçılar mülkədarı əsir gətirirlər. Səttar xan — (Tütünçüoğluna) Dar ağaclarını yıxmayın. Sahibkarın özünü asdıracağam! Konsul — (bir neçə qazaq ilə gəlir). Gününüz xeyir, cənab Sərdar! Mən bir məsələ üçün yanınıza gəlmişəm. Səttar xan — Buyurun! Konsul — Sahibkar imperator himayəsindədir. Səttar xan — İnqilab hərəkatına qarışmayacağınıza söz vermişdiniz. Konsul — Sözümüz sözdür. Səttar xan — Elə isə dar ağaclarına yaxşı baxın! Konsul — Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur. Səttar xan — Bəs o çar bayraqları nədir? Konsul — Sərdar! Sizin qarşınızda duran böyük Rusiya hökumətinin nümayəndəsidir! Səttar xan — Böyük Rusiya xalqının nümayəndəsi olsaydınız bir dost kimi əlinizi sıxardım. Təəssüf ki... Konsul — Nəhayət, sizinlə bir general danışır! Səttar xan — Sizinlə də Azərbaycan xalqının iradəsini təcəssüm etdirən sadə bir sərbaz danışır! Konsul — Son sözümdür! Səttar xan — Mənim də son sözümdür. Xalqın düşmənlərini dar ağacına! Sahibkarı dar ağacına qaldırırlar. Pərdə * * * Üçüncü pərdə Səttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır. Səttar xan — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur. Sərkərdə — Cənab Sərdar, mən də inqilabçıyam. Lakin nə etməli, Bağ-meşə təslim oldu. Qara Məlik düşmən tərəfinə keçdi. İndi artıq Azərbaycan inqilabı əvəzində mühasirəyə alınmış bir şəhər vardır. Səttar xan — (acıqlanır) Azərbaycan adına böhtan demə! Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, onun oğulları diridir, onun inqilabı da yaşayacaqdır. Qara Məlik, Bağ-meşə nə üçün təslim oldu? Sərkərdə — Xalq sözə yox, qüvvətə inanır. Səttar xan — Sayın çoxluğu qüvvət deyil. Qüvvət bacarıqdan, qorxmamaqdan və kütlədə dönüş yaratmaqdan ibarətdir. Biz üsyana başladığımız zaman kimə arxalanmışdıq? 9 nəfərə! Amma indi bütün bir orduya arxalanırıq. Tütünçüoğlu — Elədir, cənab Sərdar. Səttar xan — Onda bizi kim tanıyırdı? Tütünçüoğlu — Heç kim. Səttar xan — Amma indi bütün inqilabçı dünya bizi tanıyır. Bizi Rusiya və Zaqafqaziya inqilabçıları tanıyır. Bizi böyük Lenin tanıyır! Telefon zəng çalır. Tütünçüoğlu — Hə... Bəli, Sərdarı? Bu saat, cənab Sərdar. Səttar xan — (telefonu alır) Hə, salam, nitqlərinizin surətini almışam. Baştan-ayağa, yaşasın Səttar xan və məhv olsun Məmmədəli şahdan başqa heç bir şey yoxdur. Möhtərəm natiq, əsil məsələ yalnız torpaq və suda deyil, mübarizə milli azadlıq uğrundadır. (Trubkanı yerinə qoyur). Hər başda bir cürə fikir, hər dildə bir cürə söz... 1-ci müçahid — Alvar cəbhəsindən Cavad ağa gəlmişdir. Səttar xan — Buraxın gəlsin. Cavad ağa — (silahlı olaraq gəlir) Sizi təbrik edirəm, cənab Sərdar. Alvarı götürdük. Alvarda hökumət qoşununun müqavimətinə baxmayaraq, Bağır xan qüvvətimizi lazımınca təşkil edib hökumət qoşununu darmadağın etdi. Alvar xalqı da inqilab qoşunları ilə bərabər şəhərin köməyinə gəldi. Səslər — Yaşasın Səttar xan! Yaşasın Azərbaycan! Səttar xan — (pəncərədən həyətə) Namuslu ağalar, qeyrətli və qəhrəman qardaşlar. Bu günkü qələbənizi bütün Azərbaycan xalqı adından təbrik edirəm! İnqilab paytaxtına xoş gəlmisiniz! Səslər — Yaşasın Səttar xan! Yaşasın inqilab! Səttar xan — Zülmkarlar mövqelərini möhkəm etmək üçün fars-azərbaycanlı ixtilafları yaratdılar. Xalqın milli azadlığına təcavüz etdilər. Məsələ budur. Səhnə arxasından Dərvişoğlunun səsi eşidilir. Dərvişoğlu: Şiəyi-ali-Əlidən qalmamışdır bir nişan, Dini möhkəm qıldı Səttar xan, Bağır xan, ya Əli! Hatəmdə olmamışdır səndə olan səxavət. Rüstəmdə olmamışdır səndə olan şücaət... Səttar xan — Eşidirsinizmi? Mən çox arzu edərdim ki, bizimkilər gizlin iş üsulunu həyatə, qoşun arasına soxulmuş dilənçi Dərvişoğlundan öyrənsinlər. 1-ci müçahid — Bu adam müçahidlər arasına soxulub, icazəsiz qərargahın həyətinə girmişdir. Tütünçüoğlu — Səni bura kim buraxdı? Dərvişoğlu — Sakit ol, bu evdə beş gün qonaqsan. Allaha sığınsın gərəkdir insan. Tütünçüoğlu — (acıqlanaraq) Riyakar məl’un, de görək səni bura kim göndərdi? (Vurmaq istəyir). Dərvişoğlu — Ya haqq, ya dust Əli! Səttar xan — Dayan, buna bir tümən pul verin. Dərvişoğlu — Ağam Əli səni inqilaba çox görməsin (Oxuya-oxuya gedir): Şiəyi-ali-Əlidən qalmamışdır bir nişan, Dini möhkəm qıldı Səttar xan, Bağır xan, ya Əli! Səttar xan — Casusdur. Biz onu öldürsək, düşmənlərimiz deyəcəklər ki, biz Əli nökərini öldürdük. Bu saat uşaqlara tapşır ki, Dərvişoğlunun dalısınca düşsünlər, hər kəslə danışsa tutub yanıma gətirsinlər. (Cavad ağa gedir, Səttar xan sərkərdəyə) Siz də gedin, əlaqə saxlayın, rabitə işlərimiz yerində deyil, bu nə deməkdir, cəbhənin cəbhədən xəbəri yoxdur? Sərkərdə gedir. Zeynəb — Salam, Sərdar, gününüz xeyir. Səttar xan — Əleykəssəlam! Haradaydın? Zeynəb — Hacı Salman ağa mehmanxanada taxıl satanların iclasını çağırmışdı. Səttar xan — Saat ikidə? Zeynəb — Bəli, saat ikidə. Səttar xan — İndi saat yeddidir. Bilirsən, əziz bacım, bəzən bir dəqiqə keçikmək bir ildə qazanılan böyük bir qələbəni uduza bilər. (Evi dolanır). Zeynəb — (utana-utana) Bu mənim səhvimdir, cənab Sərdar. Doğrusu, Cavad ağadan nigaran idim. Alvar cəbhəsinə getmişdim. Səttar xan — Eybi yoxdur, səni başqa iş üçün çağırmışam. (Fikirli bir surətdə evi dolanır). Düşmən şəhəri ac qoymaq üçün ittifaq düzəldir. Bizimkilər də onun buraxdığı sülh şayiələrinə inanır. (Zeynəb və Tütünçüoğluna). Əksinqilab qərargahına getmək lazımdır. Tütünçüoğlu — Mən gedə bilərəm. Səttar xan — Nə cürə gedə bilərsən? Tütünçüoğlu — Dilənçi paltarında. Səttar xan — Yox, hərçənd düşmən bu üsulu işlədir, amma çox köhnəlmişdir (Qapı açılır, bir nəfər dilənçi gətirirlər). Bunu haradan tutdunuz? 1-ci müçahid — Səfi bazarçasında tutulmuşdur. Səttar xan — Səni niyə tutublar? Dilənçi — Bilmirəm, başına dönüm. Səttar xan — Dərvişoğlu ilə danışandamı tutdular? Dilənçi — O qaçdı, əvəzinə məni tutdular. Səttar xan — Adın nədir? Dilənçi — Mən Təbrizli deyiləm. Qaradağlıyam, dəstikirliyəm, adım Orağçıoğlu Xəlildir. Səttar xan — Bəs sənin Təbrizdə nə işin var? Dilənçi — Atam inqilabçı idi. Ələkbər xan atamı öldürüb, evimizi yandırdı. Qaçıb Təbrizə gəlmişəm. Səttar xan — Torbandakı nədir? Dilənçi — Çörəkdir, qapılardan yığmışam. Səttar xan — Yalan danışırsan, sən çorabçı ləvənd Təybənin oğlu Qədirsən (Tütünçüoğluna). Papağını götür (götürürlər). Başındakı çapıq yeri nədir? Dilənçi — Ələkbər xanın nökərləri atamı öldürəndə məni də yaraladılar. Səttar xan — Yenə yalan dedin? Doğrusunu desən səni azad edərəm. Dilənçi — And olsun İmam Hüseynə, bir kəlmə də yalan deməmişəm. Səttar xan — Dörd il bundan əvvəl Keçil qapısında sənin başını yaralayan mən özüm deyildimmi? Öz bacısının namusunu satmaq istəyən alçaq, onda qaçıb əlimdən qurtardın. Amma indi qurtara bilməyəcəksən. Dilənçi — Əsli olmayan sözlər eşidirəm. Mənim heç yerindən bacım olmayıb... Səttar xan — (Tütünçüoğluna) Cavahir bacını bura çağırın! Dilənçi diksinir. Dilənçi — Sərdar, məni inqilabın başına dolandır. Öldürmə, nə qədər ömrüm var, sənə qulluq edərəm. Səttar xan — Namussuzluq sənin iliyinə qədər işləmişdir. (Cavahir gəlir. Səttar xan ona əmr edir). Cavahir bacı, at çarşabını. Cavahir çarşabını atır. Dilənçi — Ah, namərd bacı, sən məni satdınmı? Səttar xan — Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirdin. Torbasındakı dinamitləri çıxarın, bizə lazım olar. Dilənçi — Məni öldürməyin, Sərdar! Cavahir — Cənab Sərdar, icazə verin o xaini mən özüm küllələyim. Səttar xan — Sənin cəzanı bacın Cavahirə tapşırıram. Apar! Cavahir tapançanı çıxarıb dilənçini aparır. Zeynəb — O, nə qədər də igid bir qızdır. Səttar xan — Əyləşin, indi deyin görüm, siz əksinqilab qərargahına necə gedə bilərsiniz? Zeynəb — Arvadlar Ermənistandan şərab alıb Dəvəçi məhəlləsinə aparırlar. İslamiyyənin ətrafı şərab satan arvadlar ilə dolu olur. Mən də bir bəsti şərab alıb ora gedərəm. Səttar xan — Yaxşı fikirdir. Sən ora kifayət qədər dinamit aparmalısan. Səni bizimkilər İslamiyyənin ikinci qapısının ağzında gözləyəcək. Zeynəb — Mən onları necə tapmalıyam? Səttar xan — Səid kimi başında göy əmaməsi var. Çiyninə Xorasan kürkü salır. Tez-tez çaxmaq çaxacaq, yanından qadın keçəndə, — ya haqq, ya haqq, — deyəcəkdir. Bəstini ona verərsən. Zeynəb — Baş üstə, hər şey aydındır. Səttar xan — Kağız vermirəm. Deyərsən ki, lağımları hazır oldu, olmadı? Bu gecə İslamiyyəni partlatmalıdırlar... Bu dinamitləri də götür get, uğurlar olsun! (Tütünçüoğluna). Sən də bir neçə bomba götürüb Zeynəbin dalısınca get! Hərkah o tutulsa, onu qurtarmağa çalış. Tütünçüoğlu — Baş üstə. Cavahir — (daxil olur). Cənab Sərdar, mən vəzifəmi bitirdim, mənə görə əmriniz? Səttar xan — Sən bu gecəni Dəvəçiyə qayıtma! Get hələlik rahat ol! Cavahir gedir. 1-ci müçahid — (gəlir) Cənab Sərdar, çar ordusunun generalı yanınıza gəlmək istəyir. Səttar xan — Buraxın gəlsin. (Mücahid gedir). Nə üçün gəldiyini bilirəm. General — (yanında iki nəfər xidmətçi gəlir) Gününüz xeyir, Sərdar. Səttar xan — Təşəkkürüm var, general. (Əlini sıxır və kürsünün üstündə əyləşmək üçün yer göstərir). General — İmperator hökumətinin tələbinə görə, İran hökuməti sülhə razılıq vermişdir. İmperator konsulxanası sizi inandırmaq üçün Qur’an möhürləyib. Səttar xan — Təşəkkür edirəm, general! General — Siz Qur’anın müqəddəsliyi naminə bu sülhə inanmalısınız. Bu gecədən e’tibarən hökumət ordusu Təbriz altından çəkilir. Səttar xan — Bunu sözdə deyil, işdə görməliyik. General — Çar konsulxanası imperator hökuməti namindən sizin salamatlığınızı tə’min edir. Səttar xan — (generala) Buyurun, cənab general. General — Silahları yığıb konsulxana nümayəndələrinə təhvil verməlisiniz. Cavad ağa — (tələsik gəlir) Cənab Sərdar, xəbər verirlər ki, düşmən Xiyaban tərəflərində şiddətli top atəşinə başlamışdır. Səttar xan — (generala) Təbrik edirəm, general! Top səsləri vəd etdiyiniz sülhün xəbərini verir. Cənab general, zəhmət çəkibsiniz. Bizim aldanmağa vaxtımız yoxdur. Həyat mübarizə tələb edir. General — Qəti cavab? Səttar xan — Azərbaycan xalqı silahı ancaq qələbədən sonra yerə qoyacaq. General — Mən imperator hökumətinin tələblərini dedim. Səttar xan — Mən də xalqımın arzularını söylədim. (General gedir. Səttar xan Cavad ağaya) Çar konsulxanasının sülhünə inanmaq üçün ya xain, ya da dəli olmaq lazımdır. Cavad ağa, sən burada ol, telefonla səsləyən olsa, deyərsən ki, Sərdar tezliklə qayıdacaq (gedir). Hacı Salman — (dışarıdan danışa-danışa gəlir) Canım, belə olmaz axı. Biz inqilabçıyux ya yox? Cavad ağa — Nə olub hacı, nə var ki? Hacı Salman — Nə olacaq. Biz böyük bir şəhəri ac qoya bilmərux ki? Hacı Mehdi — (gəlir) Hanı cənab Sərdar? Cavad ağa — Sərdarı neyləyirsiniz? Hacı Mehdi — Şəhərdə əlli çörəkçidən ikisi açıqdır. Biz camaatın qeydinə qalmalıyux ya yox? Cavad ağa — Əlbət ki, qalmalısınız. Sizə bu barədə kim mane ola bilər? Hacı Salman — Boynumuzda məs’uliyyət var axı. Hacı Mehdi — Kəklik kimi başımızı soxmuşuq qara, eşikdən xəbərimiz yox. Belə inqilab olmaz axı? Hacı Salman — Biz xalqı acından qıra bilmərux ki! Cavad ağa — Allaha şükür, taxılın və yemək şeylərinin hamısı tacirlərin əlindədir. Siz özünüz də əyalət şurasında tacirlərin nümayəndəsisiniz. Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. Hacı Salman — Bu sözü bizim yanımızda dedin, bir də ayrı yerdə demə, görünür ki, siyasətdən bixəbərsən. Bu sözdən əksinqilab iyi gəlir. Hacı Mehdi — Bu cür sözlər tacirlərin hüququna təcavüz etməkdir. Buna inqilab yol verməz. Hacı Salman — Bəs hanı cənab Sərdar? Cavad ağa — Cənab Sərdar tezliklə qayıdacaq. (Hacılar gedir, Cavad ağa onların dalınca): Haramzada köpək uşağı. Mən sizi Araz qırağından tanıyıram. Dilrüba — (tələsik daxil olur). Bunlar nə üçün gəlmişdilər? Cavad ağa — Şəhərin aclığından şikayət edirlər, deyirlər ki, çörəkçi dükanları bağlıdır. Dilrüba — (Hacı Mehdi və Hacı Salmanın dalınca) Bu gün səhərdən taxılları əksinqilab məhəlləsinə daşıtdırırlar. Tülkü haramzadalar! Görəsən Sərdar tez qayıdacaq ya yox! Tağı bəy — (gəlir) Cənab Sərdar hanı? Cavad ağa — Cənab Sərdarla nə işin var? Tağı bəy — Necə yəni nə işin var? Biz bu inqilabda iştirak edirik ya yox? Dünyanı aclıq içində həlak edə bilmərik. İndi ki, iş apara bilmirik, tapşıraq başqaları aparsın (gedərkən). Əşi, sən öləsən, yaxamız bir dəstə oğul-uşağın əlində qalmayıb? (Gedir). Cavad ağa — (dəhlizə tərəf) Sizə yüz dəfə tapşırılıb ki, icazəsiz adam buraxmayın. Səttar xan — (gəlir) Xoş gördük. Dilrüba, qızım, nə var, nə yox? Dilrüba — Hacı Mehdi və Hacı Salman taxılları əksinqilab məhəlləsinə daşıtdırırlar. Səttar xan — Hüseyn bağbanı telefona çağır. Cavad ağa — Özləri də gəlmişdi, şəhərin aclığından şikayət edirdilər. Dilrüba — (telefona) Kimdir danışan? Hüseyn əmi, sənsənmi? Sərdar səninlə danışacaq. Səttar xan — (gəlib trubkanı alır) Hüseyn, salam. Hə, mənəm, Səttar xandır. Hüseyn, görünür ki, təşkilatınız yatıb. Sübut?.. Hacı Mehdi ilə Hacı Salman taxılları əksinqilab məhəlləsinə daşıtdırır. (Dilrüba gedir. Səttar xan bir qədər telefonda durub dinləyəndən sonra): Bu saat onların anbarlarına möhür vurub, qapısında mücahid qoyarsan! (Trubkanı yerinə qoyur). Dilrüba — Cənab Sərdar, o gəlib sizi görmək istəyir. Səttar xan — Kimdir? O da ad olarmı? Dilrüba — Bilmirəm, sizin yoldaşınızdır. Səttar xan — (gülür) Yoxsa Qüdrət gəlib? Dilrüba — (utana-utana) Bəli! Səttar xan — Xəbər ver gəlsin. (Dilrüba getmək istəyir) Dayan! Al, bu günkü xidmətin üçün sənə bu nağanı bağışlayıram. Dilrüba — Təşəkkür edirəm, cənab Sərdar! Səttar xan — İndi get, həmən adsız oğlana xəbər ver ki, gəlsin. (gülür, məclisə) Bir neçə il bundan qabaq kimin əqlinə gələrdi ki, Azərbaycan qızı əlində silah azadlıq mübarizəsinə çıxacaq. (Qüdrət gülə-gülə gəlir. Səttar xan ona): Salam! Bilirəm niyə gülürsən. Zeynəb və Dilrubalar böyük gələcəyin nümunələridir. De görüm, şəhəri lazımınca öyrənə bildinmi? İnqilab təşkilatları nə haldadır? Qüdrət — Yemək işləri yaxşı deyil, hakim yenə müh­təkirlərdir. İnqilab təşkilatlarında laqeydlik vardır. Səttar xan — Doğrudur, yoldaş, tamam doğrudur. Dilrüba — Cənab Sərdar, bir qadın gəlib sizi görmək istəyir. Səttar xan — Kimdir? Nə istəyir? Dilrüba — Bilmirəm, adını söyləmədi. Şəxsən sizinlə görüşmək istəyir. Səttar xan — Çağır gəlsin (Dilrüba gedir. Səttar xan Qüdrətə) Cəbhələri gəzdinizmi? Qüdrət — Bəli, gəzdik. Döyüşçülərin ruhu olduqca yüksəkdir. Hücum üçün ürəkləri çırpınır. Nina — (daxil olur. Qüdrətlə görüşür). Salam Qüdrət, gününüz xeyir, Sərdar! Səttar xan — Xoş gəlibsiniz, Nina bacı, buyurun əyləşin! Nina — Sağ olun, Sərdar, getməliyəm. Gəldim xəbər verim ki, hökumət qoşunu bu gecə şəhərə basqın edib sizi və Saları əsir almaq niyyətindədirlər. Səttar xan — Belə... Nina — Ordu generalı bu gün sərkərdə Böyük xanla görüşəcəkdir. Səttar xan — Təşəkkür edirəm, Nina bacı, zəhmət çəkdiniz. Nina — Xoşdur. Məni bağışlayın, getməliyəm; salamat qalın. Səttar xan — Çox sağ olun. Xoş gəldiniz. Nina Səttar xanla görüşüb Qüdrət ilə bərabər gedir. Qüdrət onu ötürüb gəlir. Səttar xan — (Cavad ağaya) Biz onları qabaqlamalıyıq. Tez qoşun sərkərdələrinə xəbər ver, hazırlıq görsünlər. Cavad ağa gedir. Səttar xan fikirli otağı gəzir, Hacı Mehdi gəlir. Hacı Mehdi — Cənab Sərdar, gəlmək olar, ya yox? Səttar xan — (etinasız) Buyurun, hacı. Hacı Mehdi — Hacı Mehdinin sümüyü də, iliyi də, qanı da, əti də inqilabdır. Qaynayıb inqilaba qarışmışam. Səttar xan — (istehza ilə). Bunların hamısını mən bilirəm, bir daha təkrar etmək nə lazım? Hacı Mehdi — (əbasını atır, qılınc və kəfənini göstərir) Budur, bax! Əsil inqilabçı mənəm. Geyinib gəlmişəm, hansı səngərin zəifdir, buyur gedim ora. Səttar xan — (Qüdrətə) Cənab hacı əyalət əncümənində tacirlər nümayəndəsidir. İnqilab yolunda malından keçən adamlardandır. Hacı Mehdi — Malımdan yox, canımdan keçən adamam, cənab Sərdar nə vaxt buyursa, canımı qurban verə bilərəm. Amma mən necə ki, bir inqilabçı, bir şeydən razı deyiləm. Səttar xan — Nədən razı deyilsiniz, hacı? Hacı Mehdi — Əlli çörəkçi dükanından ikisi açıqdır. Biz inqilabçıyux, xalqımızı acından qıra bilmərux. Səttar xan — Çörək qıtlığının səbəbi nədir, hacı? Hacı Mehdi — Səbəbi odur ki, inqilab belə işlərlə məşğul olmur. Səttar xan — Bundan sonra məşğul olacaq. Çörəkçilərə ucuz qiymətə buğda verəcəyəm. Hacı Mehdi — (təəccüblə) Ucuz qiymətə? Səttar xan — Bəli, ucuz qiymətə! Hacı Mehdi — Hardan? Səttar xan — İnqilab anbarlarından! Hacı Mehdi — (kənarə) Bunu başa düşə bilmədim. Necə yə’ni inqilab anbarlarından? Səttar xan — (Hacı Mehdiyə) Əyləşin. Deyin qəzet müdirləri gəlsin. (Hacı Mehdiyə) Cənab hacı siz «Əncümən» qəzetini oxuyursunuz ya yox? Hacı Mehdi — Oxuyuram, cənab Sərdar. Qəzet müdirləri gəlir. Səttar xan — Xoş gəlib səfa gətiribsiniz, əyləşin. Mən qəzet işlərini yaxşı bilmirəm. Lakin qəzetlərin bu günkü vəzifəsini bilirəm... «Əncümən» qəzetinin müdiri kimdir? Hacı Mehdi — Ağayi Həmidi. Səttar xan — Oturun! (Stolun üstündən «Əncümən» qəzetini götürüb Qüdrətə verir) — Buyurun! Qüdrət — (qəzeti oxuyur) «İnqilab məntəqəsində çörək işlərinə diqqət verilmir. Əlli dükandan ancaq ikisi açıqdır. Əhalinin qeydinə qalan yoxdur. İnqilab təşkilatı çörəkçiləri cəzalandırmır». Səttar xan — Bu nə deməkdir? Hacı Mehdi — Cənab Sərdar, bu ki, yalan deyil. Səttar xan — Həm yalan, həm də iftiradır. Daha doğrusu, həyasızlıqdır. Siz bununla aclığın səbəbini inqilabda göstərməyə çalışırsınız. Nə üçün yazmırsınız ki, Hacı Mehdilər və Hacı Salmanlar taxılları əksinqilab qərargahına daşıtdırır? Hacı Mehdi — Bu olmadı ki, cənab Sərdar, bəs mən bu kəfəni niyə geyinmişəm? Qohumlarıma bir çuval taxıl göndərə bilmərəm? Səttar xan — (Cavad ağaya) Yaz, sabahdan etibarən «Əncümən» qəzeti və onun çapxanası bağlansın. Hacı Mehdi — (kənarə) Başa düşmürəm, bəs biz nə üçün inqilab eləmişüx? Hacı Salman — (səsi gəlir) Qoy Məmmədəli şah bilsin ki, Təbriz başlı-başına deyil! (Gəlir). Millətimin gözünü püfləyənin gözünü çıxardaram! Səttar xan — Əyləşin hacı, elə bu gecəki iclas millətin qeydinə qalmaq üçündür. (Bir qəzet gətirir). «Əlhədid» qəzeti. «Əlhədid» nədir? Qüdrət — «Əlhədid» dəmir deməkdir. Səttar xan — (O qəzetin müdirinə) Axı bir insaf eləyin, vicdanınız olsun. Onsuz da bədbəxt Azərbaycan xalqının dilini əlindən alırlar. Məgər bunun adını dəmir qoymaq olmazdımı? Cavad ağa — Nə üçün olmaz? Hacı Mehdi — Olsun da, olmasın da, nə olsun? Qüdrət — (bir kağız oxuyur) Bu qəzetin yeddi nəfər işçisi var. Ayda 250 tümən xərcidir. Həftədə bir kərə, iki yüz nüsxə çap olunur. Bütün gəliri ayda qırx tüməndən ibarətdir. Səttar xan — Bəs bunun 210 tümənini kim verir? Hacı Salman — Özləri inqilabçı adamlardır. Pulsuz işləyirlər. Səttar xan — (bir dəstə çek çıxarır). Bəs sən Hacı Salman ağa bu qəzetə ayda yüz on tümən nə üçün buraxırsan? Hacı Mehdi hər ay sərraf vasitəsi ilə nə üçün yüz tümən buraxır? İnqilab əleyhinə təbliğat apar­maq üçün? (Cavad ağaya). Qəzetə bağlansın, mətbəəsi zəbt edilsin. Hacı Salman — Qəzetə xalqın dilidir. Səttar xan — O bizim xalqın dili deyildir. Amma Azərbaycan dilində çıxan külkü məcmuəsinə ayda yüz tümən kömək verilməlidir. Cavad ağa, yaz! (Gəlib müdirin əlini sıxır.) Hacı Salman — (Hacı Mehdiyə) Gədə, Hacı Mehdi, bu nə həngamədir? Hacı Mehdi — (yavaşdan) Allah bizi yerin göyün bəlasından saxlasın! Musiqi səsi gəlir. 1-ci müçahid — Cənab Sərdar, Salari-milli Bağır xan təşrif gətirir. Səttar xan — Buyursunlar! Hacı Salman — (Hacı Mehdiyə). Bu gecənin xətasından qurtarsam, yüz yaşaram. Bağır xan — (daxil olur.) Rəfiqlərin axşamları xeyir olsun. (Gəlib öpüşür. Səttar xanın və Qüdrətin əllərini sıxır). Səttar xan — Çox şadam. (Qüdrəti göstərir). Möhtərəm rəfiqimizin də təşrifi buradadır. Artıq lazımi məsələləri həll etmək olar. Bağır xan — Bu gün çar konsulu ilə inqilab məsələlərini həll etdim. Səttar xan — (Bağır xana) Hansı inqilab məsələlərini? Bağır xan — Təbriz inqilabı məsələsini. Doğrusu, xalqı qırğına vermək istəmədim. Səttar xan — (Bağır xana) Əzizim, gözümün işığı, məsələ bir Təbriz məsələsi deyildir. Biz burada Azərbaycan məsələsini həll edirik. Bir də belə zamanda təkbaşına Təbriz məsələsini həll etmək olmaz. İnqilabda fəhlə də, kəndli də iştirak edir. Onlar bizə öz başımıza sülh etmək ixtiyarı vermişlər. Bağır xan — (acıqlı) Bəs mən kiməm? Səttar xan — Hər ikimiz üsyan ordusunun sərbazıyıq. Bağır xan — Mən başa düşmürəm. Biz nə üçün vuruşuruq? Səttar xan — Azadlıq üçün, qələbə üçün mübarizə aparırıq. Bağır xan — Qardaşım, sən gəl, biz sülhü davam etdirək. Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qazana bilərik. Məmləkətimiz kiçik, vəziyyətimiz ağırdır. İnqilab uzun çəksə, xalq acından qırıla bilər. Səttar xan — (stolun yanına gəlib xəritələri göstərir) Yox, qardaşım! Məmləkətimiz olduqca genişdir, bərəkətlidir. Tarixin qızıl dövrlərini keçirmiş bir məmləkətdir. Sənin nəyin yoxdur? (Xəritələri göstərir). Buyurun baxın, bu iki xəritə köhnə xəritədir. Bunların biri Böyük Pyotr zamanında, ikincisi Napoleon zamanında düzəldilmişdir. Bunlara yaxşı diqqət verin! Bağır xan — Diqqət verirəm. Səttar xan — Bu kəndlər keçmişdə Azərbaycan xalqının yaşadığı kəndlərdir. Həmədan şəhərinin ətrafıdır. Bağır xan — (xəritədə oxuyur) Qaraközlü, Qaşlı, Aşıqlı, Əlibəyli, Almabulaq... Səttar xan — Bu da təzə xəritədir. (Göstərir). Bunlar birinci və ikinci xəritədə göstərilən xətlərdir. Həman adları burada tap görüm! Bağır xan — (diqqətlə baxır). Onları burada görə bilmirəm. Səttar xan — Bax, mübarizəmiz bunun üstündə gedir. Apardığımız mübarizə bizim varlığımızı dünya xəritəsindən silənlərə qarşıdır. Bizim də sudan, günəşdən, torpaqdan istifadə etməyə haqqımız olmalıdır. Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. Yox, qardaşım, sülh olmayacaq! Bu qədər bərəkətli bir məmləkətdə milyonlarla dilənçi var. Qaçar xanədanı bu torpağı əsirlər və qullar diyarına döndərmişdir. Yox, qardaşım, sülh olmayacaqdır! İnsan kimi yaşamaq istəyən xalqlar özləri üçün şərəfli və yeni bir tarix düzəltməlidir. Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq. Bağır xan — Mən sənin yolunda ölümə gedərəm, Sərdar, lakin məsələni bu cür qoymaq bizim köməkçilərimizin sayını azalda bilər. Bundan sonra mübarizə yersizdir. Qoy xalq rahat yaşasın. Hacı Mehdi — Rəhmət bə valideyni-şuma... Hacı Salman — Bax, buna nə demişəm! Bu fikir əsil inqilabçı fikirdir. Bir gül ilə bahar olmaz. Bir balaca Təbriz böyük şah ordusunun qabağında nə iş görə bilər? Səttar xan — Nə isə, məsələyə keçək! Hacı Mehdi — Cənab Sərdar, cəsarət olmasın, nə kimi məsələlərimiz var? Səttar xan — Yoldaş Qüdrət şəhərimizin vəziyyəti barəsində mə’lumat verəcəkdir. (Qüdrətə) Başla görək, əziz yoldaş. Qüdrət — Düşmən Təbriz altında böyük hazırlıq aparır. Mübarizə uzun çəkəcək. Birinci növbədə xalqın qeydinə qalmaq lazımdır. Hacı Mehdi — Barakallah! (Hacı Salmana). Gədə, Hacı Salman, sən olasan getdiyin Məkkə, indicə mən sənə bu ağanın üzünə baxan kimi demədim ki, xalis inqilabçıdır? Hacı Salman — Bə nəmənə? İnqilabçı belə olar da... Qüdrət — Buna görə də mənim birçə təklifim var: şəhərdə və şəhər ətrafındakı bütün yeyinti şeylərini siyahıya alaq. Hacı Salman — Necə, necə? (Hacı Mehdiyə) Balan ölsün, Hacı Mehdi, gör bir bu nə deyir?! Qüdrət — Mövcud olan yeyinti şeyləri Hərbi İnqilab Komitəsinin ixtiyarına verilməlidir. Hacı Mehdi — Sonra? Hacı Salman — Sonra? Qüdrət — Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır. Hacı Mehdi — Bu inqilab olmadı ki! Hacı Salman — Məkər biz bundan ötrü qan tökmüşüx? Hacı Mehdi (Hacı Salmana) — Mən bu ağanın üzünə baxan kimi demədim ki, qafqazlıdan inqilabçı çıxmaz? Hacı Salman — Heç dəxli var? Səttar xan — İnqilabı müdafiə etmək üçün əlimizdən gələni əsirkəməyəcəyik. Hacı Salman — Əsirkəməyək! Ölmək lazımdır, dib ölək! Səttar xan — Siz Hacı Mehdilər, siz Hacı Salmanlar inqilabın qalib gəlməsini istəyirsiniz, ya yox? Hacı Salman — Qalib gəlsə də, gəlməsə də nə dəxli var ki? Hacı Mehdi — İstərüx, istəmərüx, bə neynərüx? Səttar xan (məclisə) — Bundan nə anladınız? Necə yə’ni istərüx, istəmərüx, bə neynərüx? Hacı Mehdi — Hən də... Siz soruşursunuz, biz kəmali sədaqətlə cavab veririk ki, istərüx, istəməx, bə neynərüx. Hacı Salman — Yə’ni belə deyil? Öz inqilabımızdır. Qalib gəlsə də, gəlməsə də, kimə nə dəxli var? Səttar xan — İnqilab qanunları nə tələb etsə, həyata keçirəcəyəm. Vəssalam! (Qüdrətə). Daha nə təklifiniz var? Qüdrət — Silahlı qüvvəmiz çox azdır. Səttar xan (Əncümən üzvlərinə) — Xalça fabrikindən qovulan 700 nəfər fəhləni silahlı qüvvəyə qəbul edəcəyəm, xərcini Əncüməndə qoyub keçirərsiniz. Hacı Salman — Biz bu məsələni Əncüməndə qoya bilmərüx. Hacı Mehdi — Bir şahı da olsa verə bilmərüx. Vəssalam! Səttar xan — Bu sizin borcunuzdur, siz bunu keçirməlisiniz. Hacı Mehdi — Bağışlarsınız, Sərdar, biz bu məsələni Əncüməndə qoya bilmərüx. Hacı Salman və Hacı Mehdi (qalxıb gedirlər) — Xeyir baba, biz bunu bacarmarüx. Tütünçüoğlu (gəlir) — Cənab Sərdar, Zeynəbi tutdular. Səttar xan — Nə vaxt, gedəndə, ya qayıdanda? Tütünçüoğlu — Qayıdanda. İki bomba atdım. Bir neçə nəfər ölüb, yaralandı. Lakin Zeynəbi qurtara bilmədim. Səttar xan — Tutanlar kim idi? Tütünçüoğlu — Tutanlar Böyük xanın adamlarından Davatkəroğlu ilə Əlidadaşdı. Səttar xan — Onu indi Böyük xanın əlinə tapşıracaqlar. Nə olur-olsun, biz onu xilas etməliyik! Tütünçüoğlu — Elədir, yoxsa Dəvəçidə işləyən yoldaşların hamısı məhv olacaq. Qüdrət — Zeynəb ölsə də sirr verməz. Ancaq onu xilas etmək mümkündür. (Saatına baxır). Bağır xan — Necə? Qüdrət — Bu gecə saat dörddə hökumət qoşunu şəhərə basqın edəcək. Biz onları qabaqlasaq, Zeynəbi də xilas etmiş olarıq. Bağır xan (e’tirazedici bir halda) — Şayiələri buraxın. Kişilər bizə nümayəndə göndərib. Bir həftədən sonra sülh məclisi açılır. Parlaman seçkiləri başlanır. Padşah bütün şərtlərimizi qəbul edib. (Qüdrətə) Mənçə belə-belə şeylərə inanmaq yaxşı nəticə vermməz. Qüdrət — Mənə inanın, cənab Salar. Bağır xan — Sizə inanıram, gözümün işığı, lakin sən də sülhü pozmaq üçün buraxılan şayiələrə inanma. Düşmən də öz məsləhətini sülhdə görür. Bizə də bu lazımdır. Qüdrət — Cənab Salar! Böyükxan bu gecə basqın edib sizi əsir almağa hazırlaşır. Biz onu qabaqlamalıyıq. Bağır xan — Xəbər haradandır? Qüdrət — Çar konsulxanasında işləyən tanış bir qızın gətirdiyi xəbərdir. Bağır xan — Rəfiq, bir qədər ehtiyatlı olun. Son vaxtlar bə’zi qızlar Təbrizi bir-birinə vururlar. Qüdrət — O qızın vasitəsi ilə alınan xəbərlər yalan olmur. Səttar xan — Salar, o rus qızının bizə olan dostluğu təəccüb ediləsi bir şey deyildir. Biz inqilab dərslərini o böyük xalqın mübarizə tarixindən oxuduq. 1-ci mücahid (gəlir) — Cənab Sərdar, atlı gəlib xəbər gətirmişdir ki, Maralan və Xiyaban tərəflərində şiddətli vuruşma başlanmışdır. Bağır xan — O tərəflərdə heç bir hərəkət ola bilməz! Səttar xan — Hüseyn Bağbana xəbər ver ki, 300 atlı ilə Xiyaban və Maralan tərəflərinə getsin. Mücahid gedir. Hacı Mehdi və Hacı Salman içəri girirlər. Hacı Mehdi — Axır, biz inqilabçıyux ya yox? Hacı Salman — Biz Yezid deyilux ki? Səttar xan — Nə olub Hacı? Hacı Mehdi — Bundan artıq nə olacaq ki? Anbarlarımızı möhürləyib qapısına da mücahid qoyublar. Hacı Salman — Mən özümü öldürəcəyəm. Qoy hamı bilsin ki, Səttar xan böyük bir inqilabçının ölümünə səbəb oldu. Hacı Mehdi (məclisə) — Bəlkə mən anlamıram. Belə də inqilab olar? Səttar xan — Mən sizi əmin edirəm, mallarınızın qiymətini bir şahısına qədər alacaqsınız. Hacı Salman — Qazancını istəmədik, barı öz mayasını versinlər. Hacı Mehdi — Biz inqilabdan qazanc almayacayux ki? Hacı Salman — Hən də, axır biz də inqilabçıyux ya yox? Səttar xan — Əmin olun! Hacı Mehdi (Səttar xana) — Cənab Saların başına and için inanım. Səttar xan — And içirəm. Hacı Mehdi — İnqilabsız bir günümüz də olmasın. Hacı Salman — Can ağzımdan çıxana qədər də inqilabçıyam. (Gedir). Bağır xan (məclisə) — Zənnimcə belə-belə işlər bizə ziyan verər. Xalqın anbarına və taxılına toxunmağı məsləhət görmürəm. Səttar xan — Bunlar taxılları əksinqilab məhəllələsinə göndərir, şəhəri ac qoymaqla xalqı bizim üstümüzə qaldırmağa çalışırlar. Taxıl məsələsi bizim həyat məsələmizdir. Qüdrət (saatına baxır) — Vaxt keçir, cənab Sərdar. Səttar xan — E’tiraz etmirəm, lakin hazırlıq lazımdır. Qüdrət — Gecə basqını üçün ancaq tədbir və cəsarət lazımdır. Bağır xan — Əziz rəfiqim, mən sizin fikrinizi bilmirəm. Hansı qüvvətlə hücum edəcəyik? Qüdrət — Bağır xan və Səttar xanın sarsılmaz iradəsi ilə. Səttar xan — Cənab Salar, siz burda qalın, mən gedərəm. Bağır xan — Yox, qardaşım, hərgah bir təhlükə varsa, qoy məni qarşılasın. Sən bilirsən ki, mən təhlükələrlə baş-başa vurmaq üçün yaranmışam, mücahid, hazır ol! Cavad ağa — Mücahid, hazır ol! Səttar xan — Get qardaşım, uğurlar olsun. Düşmənin məğrur başını ayaqlar altına sal! Bağır xan — Bu gecə düşmənin məğrur başı Sərdarın ayağı altına atılacağına and içirəm! Pərdə * * * Dördüncü pərdə Böyükxanın qərargahı. Zəngin bir şərq salonu. Böyükxan, əlində bir neçə məktub, salonu dolanır və öz-özünə deyir: Böyükxan — Şuarın vaxtı keçib, indiyə kimi deyirdik ki, Azərbaycan xalqı şahpərəstdir, amma indi «Rədd olsun Qacar xanədanı!» səsindən bütün Təbriz titrəyir. Xidmətçi (daxil olur) — Cənab general təşrif gətirir. Böyükxan (özünü itirir). — Buyursunlar. Qulluğunda hazıram. General (bir neçə çar zabiti ilə daxil olur). — Gəlişimin əsas səbəbi cənab Sərdarın kefini soruşmaqdır. Böyükxan — Xidməti-şərifinizdə hazıram, cənab general. General (zabitlərə Böyükxanı təqdim edir). — Şahənşah ordusunun baş komandanı Böyükxan cənabları ilə tanış olun. Böyükxan (zabitlərin əlini sıxarkən) — Nökəriniz Böyükxan. General — Sonra da böyük sərkərdəni ziyafətə aparmaq üçün gəldim, böyük dövlətlərin nümayəndələri ziyarətinizə müntəzirdir. Böyükxan — Təşəkkür edirəm, cənab general. General — Bir də mən Təbriz məsələsini aydınlaşdırmaq üçün cənab sərkərdənin hüzuruna gəldim. Məclisə çay gətirirlər. Böyükxan — Hərəkat böyükdür. Qüvvəmiz azdır. Lakin bu qədər kiçik qüvvətlə böyük işlər görürük. General — Görülən işlər qeyd ediləcək qədər böyük deyil. Konsulxanamız öz kəndindən qovulan mülkədarlar ilə doludur. Xüsusən, xalça fabrikinin qabağındakı hadisələr imperator hökumətini düşündürür. Orada həm şahənşah hökuməti, həm də imperator hökuməti təhqir olunmuşdur. Təbrizin mühüm məhəllələri Səttar xanın əlindədir. Böyükxan — Cənab general, Təbriz daim üsyan yuvası olubdur. İnqilab yanğınları həmişə buradan başlayıbdır. General — Görünür ki, sərkərdənin gözü qorxub. Böyükxan — Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. Səttar xan torpaq və milli azadlıq məsələsini qoyur. General — Bu fikir hamının deyil, tək-tək adamların fikridir. Böyükxan — İcazə verin poçtdan tutulan məktublardan bir neçəsini sizə oxuyum. Üsyan ruhu ölkənin şairlərinə də, ədiblərinə də sirayət edibdir. General — Ola bilməz! Böyükxan — Təbriz şairlərindən birisi suyun o tərəfində yaşayan əmisi oğluna belə bir məktub göndərmişdir: (oxuyur) Salamlar olsun sənə, əziz əmioğlum Əşrəf, İstəyirsən biləsən necədir bizim tərəf, Yazdığım kiçik şe’rə çox diqqətlə fikir ver. Bundan biləcəksən ki, nə haldadır bizim yer: Ölkəmizin cənubu geniş bir xəzinədir. Lakin, bu xəzinənin bizə faydası nədir? Ölkəmizdə tapılmaz sənin üçün başqa iş, Ancaq dilənmək üçün sənə hüquq verilmiş. Kəndlərdə vurhavurdur, şəhərlərdə çal-çapdır, Kimin başında papaq görsələr, qaphaqapdır. Hər tərəfdə veribdir üz qurd burun-buruna, Sürükləyir milləti fəlakət çuxuruna... General — Bəsdir, cənab sərkərdə! Bu dəhşətli sözləri eşitməkdən yoruldum. Xidmətçi (daxil olur, teleqram gətirir) — Həzrəti əşrəf, qibleyi-aləmdəndir. Böyükxan və konsul qibleyi-aləmin adına təzim edir. Böyükxan (teleqramı açıb oxuyur). — «Möhtərəm sərkərdə Böyükxan! Biz əmin oluruq ki, Təbriz iğtişaşını tezliklə yatıracaq, üsyançıları əsir edəcək və başçılarının dərisinə saman doldurub hüzuruma göndərəcəksiniz. Buna mükafat olaraq, sərkərdəni Azərbaycan valisi tə’yin edirəm». General (Böyükxanın əlini sıxır). — Həzrəti əşrəfi təbrik edirəm. Böyükxan — Təşəkkür edirəm, cənab general! General — Səfirdən də eyni məzmunda teleqram almışam. İmperator hökuməti Təbrizin bu vəziyyətinə soyuqqanlı baxa bilməyəcək. Böyükxan — Onlar verdiyimiz sülh və’dlərinə inanmadılar. Bu gecə saat dörddə şəhərə ümumi hücum başlanacaqdır. General — Cəsarət olsa da, qeyd etməliyəm: adamlarınız bacarıqsızdır. Səttar xanla Bağır xan arasına nifaq sala bilmədiniz. Mücahidlərin arasında da adamlarınız yoxdur. Böyükxan — Bunların heç biri fayda vermir. Onlar torpaq məsələsini qoyublar. Xalq şah hökumətini tanımır. Cənab general, bu gecə, sizi inandırıram ki, elə bu gecə... General (gedərkən Böyükxana) — Belə isə, həzrəti əşrəfi təbrik edirəm. Qələbə ziyafətiniz top səsləri ilə açılacaq. O zaman birinci piyalə sizin şərəfinizə içiləcəkdir. Gedirlər. Böyükxan — Həzrəti əşrəfin ömrü uzun olsun. Bu yolda ölsəm də qorxum yoxdur. (Onları ötürür. Zəngi çalır, xidmətçi gəlir) Get qoşun sərkərdələrini yanıma çağır! Xidmətçi (gəlir) — Tağı bəy gəlmək istəyir. Böyükxan — Burax gəlsin. Tağı bəy (gəlir, baş endirir) — Gecəniz xeyir, həzrəti əşrəf. Böyükxan — Nə xəbər? Tağı bəy — Gəldim xidmətinizə ərz eləyim ki, mən artıq inqilabçıların içində işləyə bilmərəm. Böyükxan — Nə üçün? Tağı bəy — Çünki onlar mənə inanmırlar. Qorxuram axırda məni tələf etsinlər. Böyükxan — Get işlə! Qorxaq olma! Hər nə əldə etsən qənimətdir. (Xidmətçiyə). Xəzinədara xəbər ver ki, Tağıbəyə yüz tümən bəxşiş versin. Dərvişoğlu (Pəncərənin altında oxuyur, işıq sönür) Eylədi islamı bu məşrutə viran, ya Əli! Rövnəqi-islamı ucaltdı Böyükxan, ya Əli! Böyükxan — Oxu! Oxu, gülüm, sabah sənin kəşkülünü qızıl ilə dolduracağam. Dərvişoğlu (pəncərənin altında) Hatəmdə olmamışdır səndə olan səxavət, Rüstəmdə olmamışdır səndə olan şücaət. Böyükxan — Dərvişoğluna, xələt, özü də mənə qonaqdır. Çiyninə əba salırlar. Dərvişoğlu — Necə yə’ni rədd olsun padşah, necə yə’ni yaşasın azad Azərbaycan, hamısının siyahısı məndədir. Böyükxan — Sabahdan e’tibarən o cürə sözlər eşitməyəcəksiniz. Hacı Mehdi (bayırdan) — Hələ Hacı Mehdi ölməmişdir ki, hər keda-güdə qibleyi-aləmə xoruzlana bilsin. Nicat ordusunun sərkərdəsinə salam! Böyükxan — Buyurun, nə əcəb təşrif gətirmisiniz? Hacı Mehdi (əbanı salır, qılınc və kəfəni görünür) — Qibleyi-aləmin yolunda qurban getmək üçün geyinib gəlmişəm. Ya Səttar xan, ya mən! Özüm gərək onu öldürəm ki, Təbriz rahat olsun. Böyükxan — Öldürüb gəlsəydin, daha yaxşı olardı. Dərvişoğlu — İkiüzlü haramzada. Sən bu dəqiqə onun yanından gəlmirsən? Hacı Mehdi — Həzrəti əşrəfin başına and olsun ki, mən Səttar xanı görsəm də tanımaram. Mən hara inqilabçı hara? Dərvişoğlu — İki saat bundan əvvəl Səttar xanın evindən çıxanda gördüm. (Hacı Mehdiyə) Tfu!.. Hacı Mehdi (Böyükxana) — Həzrəti əşrəf, getdiyim Məkkəyə and olsun ki, bu haramzada xalis məşrutəçidir. Böyükxan — Sus, məşrutəçilərin hamısı belə olsaydı, daha nə dərdimiz var idi? Çəkil! Hacı Salman (bayırdan) — Ona Səttar xan deyərlər, mənə də Hacı Salman! Çıxsın qabağıma, görüm allah kimə verəcək! (Böyükxana) Həzrət əşrəfin hüzuruna müşərrəf olmaq olar, ya yox? (Əbasını atır, qılınc və kəfənini göstərir) Hazır geyinib gəlmişəm, qibleyi-aləmə qurban gedirəm. Böyükxan (Dərvişoğluna) — Bu cənabı da tanıyırsınız ya yox? Dərvişoğlu — Bu da Hacı Salmandır, Hacı Mehdinin dostudur. Səttar xan bunların anbarlarını möhürləməsəydi, həzrəti əşrəfin hüzuruna gəlməzdilər. Böyükxan — Hər ikisini salın tövləyə, yüz çubuqdan sonra min tümən alıb buraxın. Hacı Salman — Həzrəti əşrəfin başı üçün, bir səmimi xeyir-duadan başqa bir qara şahı verəsi deyiləm. Böyükxan (xidmətçiyə) — Aparın! Həbsə alınanları gətirin. Xidmətçi — Həzrəti əşrəf, həbsə alınanların çoxunda vəsiqə vardır. Böyükxan — Nə vəsiqə? Xidmətçi — Çar konsulxanasında vəzifədədirlər! Böyükxan — Kimin vəsiqəsi varsa, üzr istəyib buraxın. Hacı Mehdi (Hacı Salmana) — Gədə, Hacı Salman, o vəsiqədən bir neçəsini bizə ala bilməzdin? Hacı Salman — Vəsiqə canı qurtarırsa, yeddi dövlətdən vəsiqə verim... Həzrəti əşrəf, icazə verin mən də vəsiqəmi göstərim. Böyükxan (öz-özünə) — Vəsiqələrini göstərsin! Kimi dindirirsən vəsiqə göstərir. Bəs mən bu qədər qoşunu nə ilə doyuracağam? Hacı Mehdi — Gədə, bə mən? Hacı Salman (yavaşdan) — Vəsiqənin biri 100 tümən! Bu saatda sərrafa bir havalə yaz, vəsiqəni qoyum ovcuna. Yoxsa dəyə-dəyə səndən min tümən alacaqlar. Hacı Mehdi — Gədə, bu olmadı ki, əqidə yoldaşı da bir-birindən rüşvət alar? Hacı Salman — Bə nəmənə? Hacı Mehdi (Hacı Salmana) — Yaxşı 25 tümən verim? Hacı Salman (Hacı Mehdiyə) — Kəs səsini məşrutəçinin birisi, ağzına bax, rüşvət verdiyinə bax, elə bircə saqqalımızın bu vaxtında rüşvət almağımız qalmışdı. Hacı Mehdi (yavaşdan) — Gədə, haraj təpmə, 25 də gəldim üstünə. Hacı Salman — Bir şahı əskik olmaz! (Soyunmuş halda gəlir vəsiqələri verir) — Bu vəsiqə Rusiya konsulxanasından. Böyükxan — Cənab hacını geyindirin, özündən də üzr istəyin. Hacı Mehdi — Dünyanın vəfasına lə’nət, məşrutəçinin paltarını geyindirib özündən də üzr istəyirlər. Bunu bir baş qibleyi-aləmə beləcə yazmasam, getdiyim Məkkə mənə qənim olsun! Hacı Salman — İndi ki, belə oldu, sən də vəsiqələrini çıxar. Həzrəti əşrəf, xahiş edirəm bu haramzadanın cibləri axtarılsın. Böyükxan — Bunu axtarın! Hacı Mehdi — Balan ölsün Hacı Salman, səsini kəs, 25 də gəldim üstə. Dərvişoğlu — Tfu sənin saqqalına, islamın abrını apardı. Casusdur! Hacı Salman (ucadan) — Məşrutəçinin birisi, sənin kimi adamın üzünə heç imam da zühur etməz. Böyükxan — Aparın, yüz çubuq da əlavə! Qapıçı — Həzrəti əşrəf, Davatkəroğlu hüzurunuza gəlmək istəyir. Böyükxan — Burax gəlsin. Davatkəroğlu (Əlidadaşla birlikdə Zeynəbi qolları bağlı gətirirlər). — Həzrəti əşrəf, dar ağacından qaçan Zeynəb həmin bu həyasızdır. Böyükxan — Harada tutdunuz? Əlidadaş — İslamiyyəyə bomba atmağa gəlmişdilər, yoldaşı atıb qaçdı. Bir neçə nəfəri öldürdü, bir neçəsini də yaraladı. Böyükxan (Zeynəbə) — Bombanı atan kim idi? Zeynəb — Bombadan da, bomba atandan da xəbərim yoxdur. Böyükxan — İslamiyyə tərəflərinə nə üçün getmişdin? Zeynəb — Ermənistandan müctəhidlərə satmaq üçün şərab aparmışdım. Davatkəroğlu — Həzrəti əşrəf, buna inanmayın, xalça fabrikini dağıdan budur, Culfada kəndli üsyanında da iştirak edən və mülkədarı asdıran da budur! Böyükxan — Alçaq qadın, səni bu yola məcbur edən nədir? Zeynəb — Həqarətdən qurtarmaq üçün başqa yol yox idi. Bir qarın çörək üçün insanların ən alçağına yalvardım. Ac, çılpaq, körpəm qucağımda, xidmət üçün qapı-qapı gəzdim. Lakin bir parça çörək müqabilində məndən irz-namus tələb etdilər. Böyükxan — Dilənçi, sən özün nəsən ki, irz-namusun nə olsun? Sənin saçlarını qırxdırıb bazarlarda dolandıracağam. Qoy başqalarına da ibrət olsun! Zeynəb — Öldürün, ancaq namusla öldürün! Böyükxan — Aparın işkəncə verin, öldürmək üçün o qədər də vaxt lazım deyil. (Sərkərdələr gəlir). Ağalar, cənab konsulun və şahzadə Eynüddövlənin əmrinə görə biz bu gecə saat dörddə şəhərə hücum başlamalıyıq. Sərkərdələrdən biri — Hazırıq, həzrəti əşrəf! Böyükxan — Əyləşin! (Zəngi çalır, Məmmədcəfər gəlir). Ağalar üçün nə hazırlamısan? Məmmədcəfər — Hər şey hazırdır, həzrəti əşrəf. Böyükxan — Bəs nəyi gözləyirsən? (Məclisə) İxtiyarımızda altı saatdan artıq vaxt var. Bu qədər saatı boş keçirmək olmaz. Burada oturan cənabların hər birisi bir məmləkətin ağasıdır. Ancaq bir şeyi bilməlisiniz ki, ağalıq qapısının açarı qılıncdır. Məmmədcəfər (bir dəstə çarşablı qadın gətirir. Bir neçə də çalan qadın gəlir) — Həzrəti əşrəf, ərz olsun ki, gətirdiyim xanımlar Təbrizin ən məşhur xanımlarındandır. Çalanlar, oynayanlar, oxuyanlar işvəli, nazlı gözəllərdir. Böyükxan — Hələlik bir şey görmürəm. Məmmədcəfər (bir qadını irəli çəkərək) — Bu xanım Vəliəhdin gözəl rəqqasəsi Xoşbudur. Oynar, çalar, oxuyar, hər şeyi bacarar. Böyükxan — Barakallah Xoşbu xanım, doğrudan da xoşuma gəldi. Məmmədcəfər (başqa birisinin çarşabını götürərək) — Bu Təbrizin gözəllərindən Səlimə xanımdır. Bu da İntizamülmülkün rəqqasəsi Abihəyat xanımdır. Böyükxan — Doğrudan da abi-həyatdır. Məmmədcəfər — Bu xanım da Təbrizin məşhur gözəli Cəmilə xanımdır. Oynar, çalar, oxuyar. Hər şey bacarar. Böyükxan — Oynasınlar, çalsınlar, oxusunlar, piyalə versinlər. Qadınlar hamısı məclisə baş əyib rəqs edirlər. Böyükxan (Dərvişoğluna) — Gülüm, oğlan, niyə səsin çıxmır? Dərvişoğlu — Həzrəti əşrəfin əmrinə müntəzirəm. Böyükxan — Bir kərə ağa dərviş bilməlidir ki, şe’r ancaq belə-belə məclislər üçün lazımdır. Əmr edirəm, bu gözəllərin hər birisinin özünə layiq bir şe’r deyəsən. Dərvişoğlu (rəqs edən bir qıza yaxınlaşır): Çox qaş-gözünü atma, kaman qaşına qurban, Gəl qoy dizim üstə başını, başına qurban, Rəqs eylə, dolan məclisi, rəqs eyləsin aləm. Sən gül mənə, gülsün üzüm, ey çöhrəsi laləm. Böyükxan — Hanı Gönçələb xanım? Dərvişoğlu Könül doymadı mütrübün tarından, Dönər tanrıdan, dönsə gər tarından. Gönçələb xanım gəlib oxuyur. Gönçələb xanım Bahar dilkəş, bülbül çalır kamança, Sən də üzündən tez at pərdəni, gözəl gönçə. Toy büsatı başlanıb çəməndə, Hər gülün ləbində bir xəndə. Saxlamışdır bir piyalə Çəməndə hər lalə. Çox uzun deyil bu həyat. Sən cövrü zülmü at Qoy gülsün eşqinlə kainat. Davatkəroğlu (nəş’ə aləmində). — Bütün dünya gözümün bir kiləsində yerləşir. Amma özümü bu dünyaya yerləşdirə bilmirəm. Dünya o qədər nazikləşdi ki, hoqqamın deşiyindən girib beynimə getdi. Geri çəkilin, dünyanı udacağam. Davatkəroğlu, Dərvişoğlu bir yerdə oxuyurlar. Davatkəroğlu — Gəl gözəlim, piyalə gətir. Dərvişoğlu — Gədə, Məmmədcəfər! Məmmədcəfər — Nə buyurursan? Dərvişoğlu — Bala, mənə bir stəkan çay. Məmmədcəfər — Böyük stəkanda, ya kiçik stəkanda? Dərvişoğlu — Nə böyük, nə kiçik, armudu! Məmmədcəfər — Purrəng olsun, ya kəmrəng? Dərvişoğlu — Nə purrəng olsun, nə də kəmrəng, məxməri. Məmmədcəfər — Acı olsun, şirin? Dərvişoğlu — Nə çox acı, nə çox şirin, kəmşirin. Məmmədcəfər — Qaşıq da qoyum ya yox? Dərvişoğlu — Mən ölüm, hər nə qoyursan qoy, amma qəmiş qoyma. Məmmədcəfər (aşpazxanaya səslənir) — Dərvişoğluna bir əmiri çay, stəkan nə böyük olsun, nə kiçik, armudu, rəngi məxməri, nə acı olsun, nə şirin, kəmşirin, bir dənə də qəlyan, amma qəmiş qoymayın! Böyükxan — Gədə, haramzada, qəmişsiz də qəlyan olar? Məmmədcəfər — Ağa, başına dönüm, özü buyurdu ki, qəmiş qoyma. Böyükxan — Məclis çox soyuq keçir. O qızı buraya gətirin (qapıçı baş əyib gedir). Səttar xan, Bağır xan, Hüseyn Bağban iki saatdan sonra yerə yıxılıb ayaqlarımdan öpəcəklər! Dərvişoğlu — Əlli yeddi hökumətdən yanıma nümayəndə gəlib məndən qəsidə istəyir. Sə’di bir cibimdə, Hafiz bir cibimdə, Xəyyam da qələmdanımda, Əlidadaş (qolları bağlı Zeynəbi gətirir) — Həzrəti əşrəf, hazır! Böyükxan — Nə gözəl dilənçidir: qaşları Cəmilənin qaşlarından qara, dodaqları Hüsniyyənin dodaqlarından sevimli. (Zeynəbə). Bilmirəm oynamaq bacarırsan ya yox? (Zeynəb sakit dayanmışdır) Ay qız, niyə sakit durmusan? Oynamaq bacarırsan ya yox? Zeynəb — Mən hər şeyi bacarıram. Böyükxan — Bunun qollarını açın. Əlidadaş (Zeynəbin qollarını açır) — Həzrəti əşrəfə baş endir, səni qurtarsa, gözəlliyin qurtaracaq. Böyükxan — Oyna, səni öldürməyəcəyəm, tovuz quşu kimi bəzəyib öz yanımda saxlayacağam. Dərvişoğlu ayıq olsaydı, buna bir şe’r yazardı. Bəh-bəh, sənin bu hüsni-cəmalın nə gözəldir! Ağ üzdə düşən o qara xalın nə gözəldir! Davatkəroğlu — Oyna, mənim payıma da sən düşmüsən, oyna. Zeynəb çalınan musiqi altında salonu dolanır. Davatkəroğlunun yanına yaxınlaşıb belindən tapançasını çıxarır, salondan çıxmaq istərkən qarşısını kəsmək istəyən Əlidadaşı vurur. Məclis qarışır. Zeynəb — İndi bir az da sən oyna! Əlidadaş yıxılır, Böyükxanın adamları Zeynəbi tutub Böyükxanın ayaqlarına atırlar. Böyükxan (Zeynəbə) — Mən səni min dəfə öldürüb, dirildib, yenə də yenidən öldürəcəyəm! Zeynəb — Sizin canavarlığınıza inanıram! Bayırdan gurultu gəlir. Böyükxan — Nə olub, nə xəbərdir? Xidmətçi — İslamiyyənin iclas otağını partlatdılar. Böyükxan — Biz bacarmadıq, onlar bacardılar. Səslər — Bağır xan, Bağır xan! Salon bir-birinə dəyir. Sərkərdələr rəqqasələrin çarşablarına bürünüb qaçmaq istəyirlər. Bir çarşabda Böyükxanın başına örtürlər. Mücahidlər pəncərələrdən və qapılardan salona tökülürlər. Rəqqasələr və çalan qadınlar bir tərəfdə oturub qorxularından titrəyirlər. Bağır xan (Qüdrətlə birlikdə daxil olur və salonu təəccüblə nəzərdən keçirir) — Hanı bu yuvanın tülküsü? Bunlar kimdir? Zeynəb (irəli gəlir) — Gecəniz xeyir, cənab Salar! Rəqqasələrdir. Bu çarşaba bürünənlər də padşah ordusunun sərkərdələridir. Bunlara da mən rəqqasəlik öyrədirəm. Hamı gülür. Bağır xan (Zeynəbin alnından öpür) — Sənin baxışlarından gələcək qalibiyyətin dastanları oxunur. (Böyükxanın başından çarşabı götürür.) Bunu təhqir etmə, sən buna da layiq deyilsən! Bu qadın donuna girən sərkərdələri inqilab qərargahına aparın! Hamısını aparırlar. Böyükxan — Yalvarıram, məni öldürmə, mənim həyatımı özümə satın. Bağır xan — Sənin həyatının bir qara şahı qiyməti yoxdur. Böyükxan — Ağırlığımca qızıl verərəm. Bağır xan — Sən tökdüyün qanların hər qətrəsi zalım şahın tacındakı incilərdən yüz dəfə qiymətlidir. Sən o qanları nə ilə ödəyəcəksən? Böyükxan — İyirmi kəndimi verərəm. Bağır xan — Onlar sənin deyil! (Tütünçüoğluna.) Götürün! Dərvişoğlu (nəş’ədə) — Yapışın əlimdən, körpü uçur. (Vəziyyəti gözdən keçirir). Davatkəroğlu (nəş’əli) — Səttar xanı, Bağır xanı hüzuruma gətirin, onları özüm cəzalandıracağam! Zeynəb (onun qulağından tutub qaldırır). — Qalx, Bağır xan hüzurundadır. Davatkəroğlu (yarım ayılmış halda) — Buraxsana, keçi qulaqlamırsan ki? (Gözünü açıb Tütünçüoğluna və Zeynəbə baxır). Nə yaxşı ki, yuxu görürəm. Yuxu olmasaydı, bağrım yarılardı. Tütünçüoğlu — Qollarını sakit saxla, alçaq! Bağır xan — Götürün, onları qan dəryasına döndərmək istədikləri Təbriz küçələrindən sürüyə-sürüyə Sərdarın hüzuruna aparacağam. Böyükxan — Mənimi? Mənimi? Ondansa öldürün məni! Bağır xan — Kəs səsini bayquş, sən tək bir ölümlə yaxanı qurtara bilməyəcəksən! Tarixin qızıl dövrlərini keçirən böyük vətənin şərəfli adını qara ləvhəyə yazmaq istəyənlər torpaqlarda sürünməlidirlər, götürün! Hacı Salman (Hacı Mehdiyə) — Desən deyəcəyəm. Hacı Mehdi — Demə, deməyim, hanı o haramzada Böyükxan? Gəlsin, haqq-hesabı çürüdək! Hacı Salman — Zindəbad Səttar xan! Qüdrət — Salar, xəyanət! Düşmən bizi mühasirəyə almışdır! Bağır xan — Kimin mühasirəyə alındığını indi görərik. Çıxarın bombaları, haydı arxamca!.. Pərdə * * * Beşinci pərdə Zeynəbin evi. Ev əşyası sadə və yoxsuldur. Gecədir. Top səsləri eşidilir. Dilrüba Zeynəbin oğlu Məcidi qucağında gəzdirir, lay-lay deyir. Dilrüba Laylay dedim yatasan, Gül yastığa batasan, Gül yastığın içində Şirin yuxu tapasan. (Evi dolanır, qucağından uşağı yırğalayır). Nina (tələsik daxil olur). — Evdə kim var? Dilrüba (kənara) — Yenə odur. Yenə mənim qəlbimi yaraladı. Nina (cavab gözləyici halda ona baxır). — Nə danışırsan? Dilrüba — Sənə kim lazımdır? Nina — Mən Qüdrəti görmək istəyirəm. Dilrüba — Allahı sevirsən, get, Qüdrətdən əl çək və mənə rəhmin gəlsin. Nina — Mənim səninlə heç bir işim yoxdur. Ancaq Qüdrət... Bilmirəm nə üçün tapşırığıma əməl etmədi. O tezmi gələcək? Dilrüba — Xeyr. O, burada yaşamır. Nina — O, mənimlə burada görüşməli idi. (Bir az Dilrübaya baxır və gülür. Təəccüblə.) Heç bir şey anlamıram. (Gedir). Dilrüba (bir qədər durub Ninanın dalınca baxır). — Qızların arzuları çürük, oğlanların sevgiləri isə yalan. Mən gecə-gündüz Qüdrət deyə düşünürdüm. Deyirdim ki, Bakıdan gələr, mənim üçün xoşbəxtlik gətirər. O qayıdıb gəldi. Şadlıq əvəzinə çəkilməz bir kədər gətirdi. Bir rus qızını da yanına salıb gəldi. Zeynəb (silahlı daxil olur) — Dilrüba, əzizim, yorğun görünürsən. Yoxsa uşaq səni yorub? Dilrüba — Yox, Zeynəb, elə demə! Mən yalnız buna baxdığım zaman kədərlərimi unuduram. Zeynəb (silahını çıxarır) — Dilrüba, bu uşağı nə qədər sevdiyimi bilmirsən. Mən bunu yoxsul günümdə doğduğum kimi, qorxulu bir gündə də yetim qoyub gedəcəyəm. Dilrüba (uşağı bağrına basır). — Bu nə sözdür, Zeynəb? Sənə nə olub? Yoxsa Cavad ağaya... Zeynəb (qatarı çıxarıb mıxdan asır). — Dilrüba, ölüm-dirim vuruşmaları gedir. Bir şəhərə yaxşı bax. Bizimkilər o odların-alovların içindədir. Top səsləri gəlir. Dilrüba (şəhərə baxır). — Ah, nə böyük dəhşət? Heç bilmirəm onun başına nə gəldi? Zeynəb — Azadlıq qansız və qurbansız qazanılmaz. Bu gün səngərlərimizdə iyirmiyə qədər qız-gəlinin son sözlərini eşitdim. Bizim qələbəmiz və Azərbaycan xalqının səadəti o alovların içərisindən süzülüb çıxır. Dilrüba (uşağı Zeynəbə verir). — Belə bir oğlu olan ana xoşbəxtdir, Zeynəb! Zeynəb — O xoşbəxtliyi hiss edirəm, lakin məndən sonra bu uşağa kim layla deyib, kimlər buna ana nəvazişi göstərəcəkdir? Dilrüba (ağlayır) — Bu fikirləri burax, Zeynəb, mən ki ölməmişəm, mən bu uşağı alovların içərisindən çıxarmışam. Zeynəb (uşağı alır): Dan yeri söküləndə, Zülf üzə töküləndə, Həyat təzədən gülər Körpə uşaq güləndə. Laylay balam, laylay, Arzum, ümidim laylay. Eh, Dilrüba sən özün də ana olacaqsan. Sənin də öz balan olacaq. Dilrüba (kədərli) — Ah, Zeynəb sən nələri düşünürsən? Mən də əvvəl sənin kimi düşünərdim. O Bakıdan qayıtdı, mənim düşüncələrim məhv oldu. Arzularım bir xəyala döndü. Zeynəb (təəccüblə) — Nə olub axı, bu kədərin səbəbi nədir? Dilrüba — Səbəbini sən gözəl bilirsən. Zeynəb — Mən nəyi bilirəm? Dilrüba — Sən onun bir rus qızı ilə gəldiyini bilə-bilə nə üçün məndən soruşursan? Qüdrət hər gün onunla görüşmürmü? (Ağlayır.) O nə üçün məni aldadır? Mənim günahım nədir? Zeynəb (uşağı buraxıb, Dilrübaya yaxınlaşır). — Bu nə deməkdir? A qız, mən bunları haradan bilirəm? Dilrüba (Ağlaya-ağlaya) — O buna haqlıdır. O qız gözəldir, həm də varlıdır. Daş-qaş içindədir. Amma mən bir kəndli qızıyam, bir yoxsulam. Zeynəb (onun saçlarını sığallayaraq) — Bu cür fikirləri başından at. O səni sevir, sənin bir telini dünyalara dəyişməz. Dilrüba — O bunları ancaq Bakıdan yazdığı məktublarda deyir. Görünür ki, o cür sözləri hər qıza demək olarmış. Zeynəb — Mən səni Qüdrətdən də artıq sevirəm. O sənə xəyanət etsə, mən onu bağışlamaram. Lakin inana bilmirəm. Dilrüba (bir məktub çıxarır). — Buyur, inanmırsansa, indi inan, dünən kağızı gətirən haman rus qızı idi. Yarım saat əvvəl yenə gəlmişdi. Görünür mən burda onların xoşbəxtliyinə mane oluram. Zeynəb — Rus qızı? Dilrüba — Bəli rus qızı, özü də dünən dedi ki, kağızı öz əlinə tapşırarsan. Zeynəb — Ver bura. Dilrüba — Yox, dedi ki, öz əlinə tapşırarsan. Zeynəb — Bu da mənə bir dərd oldu. (Qüdrətin şəklinə baxır.) Bunu kimə demək olar? Özün inqilabçı ola-ola, bir qızı burada çidarlamısan, birisini də Bakıdan yanına salıb gətirmisən. Dilrüba — Kim deyir ki, insanın xasiyyətini üzündən oxumaq mümkündür? (şəklə) Üzünə baxırsan, mələk kimi bir insandır. Gözlərindən mərhəmət və mehribanlıq yağır. Ürəyi isə başqa cürə imiş. Zeynəb — Sən qəm yemə, mən Qüdrətlə çox ciddi danışacağam. Dilrüba — Lazım deyil, bəlkə də onun xoşbəxtliyi haman rus qızının taleyinə bağlıdır. (Qapı döyülür, Zeynəb gedir, Dilrüba məktubu qoynundan çıxarıb baxır). Sevgini adama acı dərman kimi içirmək olmaz ki... Əvvəlcə mən onu ayrı cürə sevirdim, indi isə, bir inqilabçı yoldaş kimi sevəcəyəm. Qüdrət Zeynəb ilə bərabər içəri girir. Dilrüba məktubu gizlədir. Qüdrət — Salam, Dilrüba. Dilrüba — Salam. Qüdrət (silahlarını çıxarır) — İki gündür boğazımdan su da getməyib. Düşmən topları Təbrizin daş-torpağını bizim başımıza tökdü. (Zeynəbə) Bacı bir az su gətir üzümdəki toz-torpağı yuyum. Zeynəb (e’tinasız) — Üzündəki ləkələri təmizləmək mümkündür, amma vicdanındakı ləkələri təmizləmək çətindir. Qüdrət (təəccüblə baxır) — Nə olub, Zeynəb? Bu nə deməkdir? Zeynəb — Elə bir iş tutmusan ki, deməyə də utanıram. Qüdrət — Nə iş tutmuşam? Hansı hərəkətim səni utandırır? Zeynəb — Tayfamızın adını batırma. Sən bilirsən ki, mən bu qızı yüz canavarın ağzından qurtarmışam. Qüdrət — De görüm nə olub axı? Yoxsa səhərdən bəri cəbhədə vuruşub doymamısan? Olmaya evdə də bir cəbhə açmaq istəyirsən? Zeynəb — Bu cürə sözlərlə bizi aldada bilməzsən. Qız beş ildir sənin yolunu gözləyir. Sənsə başlamısan oyun çıxarmağa. Dilrüba su tökür, Qüdrət əllərini yuyur. Qüdrət — Başa düşmürəm. Necə aldatma, nə oyun? Sözün acığını deyə bilməzsənmi? Nə qız? Zeynəb — Sən bir papağını qabağına qoyub fikirləş, gündə bir qızın ətəyindən tutmaq namuslu oğlanlara yaraşmaz. Bu işi Sərdar eşitsə sənə nə deyər? Qüdrət — Dilrüba, and içirəm, cəbhələrdə ölsəm də, sənin sevginlə öləcəyəm. Dilrüba — Mən səni həmən qızla görməsəydim, bəlkə də andına inana bilərdim, o qız artıq burada yaşamaq istəyir. (Məktubu göstərir). Bax, qız bu məktubu da sənə gətirmişdir. Zeynəb — Buyur indi şübhə qalmadı ki? Qüdrət (məktubu alıb düşünür). — Dünyada şübhədən qorxulu bir düşmən ola bilərmi? *(Məktubu oxuyub, başını tutur) — Dilrüba, ah, belə bir məktubu iki gündən bəri saxlamaq olarmı? Heç bilmirəm nə cavab verəcəyəm! Zeynəb — Deyəsən görüşün baş tutmayıb, ver bura, aparıb oxudacağam! Qüdrət — Zeynəb məni anla, sən gəl bu qızı da şübhəyə salma, bu məktubu hər adama oxutmaq olmaz. Zeynəb — Gördün ki? Düz-əməlli olsa idi, bizə də oxuyardın! Qapı döyülür, Zeynəb qapıya gedir. Dilrüba — Mən heç bir məktubla maraqlanmıram, artıq həqiqət mənim üçün aydındır. Qüdrət — Dilrüba, qısqanclıq məhəbbəti parçalamaq üçün amansız bir qılınçdır. Dilrüba — Ürəyi olan bir qız qısqanmamağı bacararmı? Zeynəb — (Tütünçüoğlu ilə bərabər gəlir. Dilrubanı şeylərini yığarkən görür) Dilrüba, nə eləyirsən? Dilrüba — Gedirəm, ona mane olmaq istəmirəm. Zeynəb — Sən niyə gedirsən, qoy səni istəməyənlər getsin. (Şeyləri alıb yerə qoyur). Qüdrət — (Tütünçüoğluna) Qərargahda nə var, nə yox? Tütünçüoğlu — Düşmən Xiyabanda və Quruçayda bizim müdafiə xəttini yarıbdır. Qüdrət — (Tütünçüoğluna) Əsəd, sən bu saat Sərdarın yanına qayıt. (Yavaşdan). Bu məktubu Səttar xanın öz əlinə tapşır. Zeynəb — Bəhanə ilə məktubun başını əkmə, göyə də çıxsan, yerə də batsan gərək mən o məktubdakını biləm. Dilrüba — (şeylərini toplayır və Tütünçüoğluna) Əsəd qardaş, gedirsənsə, məni də Maralan məhəlləsinə qədər yola sal. Qüdrət — (onun şeylərini alıb yerə qoymaq istəyir) Sakit ol, Dilrüba, gecədir, göydən qurğuşun yağış kimi yağır. Qapı vurulur, Qüdrət qapıya gedir. Qüdrət Nina ilə bərabər danışa-danışa daxil olur. Nina — Qüdrət, bəs məktub sənə yetişmədimi? Nə üçün əməl etmədin? Dilrüba — (kinayəli) Nigaran qalma, sənin məktubunla o qədər də maraqlanan yoxdur. Nina — (təəccüblə) O nə demək istəyir? Zeynəb — (durub Ninanı qucaqlayıb öpür) Ax, Nina bacı, nə tez bizi yadından çıxardın? Tütünçüoğlu — (Ninanın əlini sıxır). Valiko yoldaşdan həmişə səni soruşuram. Nina — Nə edim? Konsulxanaya işə girəndən, yazıq Valiko ilə heç görüşə də bilmirəm. Qüdrət — Əsəd, mən burada Cavad ağanı gözləyəcəyəm. Sən məktubu apar, gecikdirmə. Zeynəb — (Ninaya) Tanış ol, Qüdrətin yoldaşıdır. (Dilrubanı göstərir). Nina — (onun əlini sıxır) Nina Nikitina. Zeynəb — (Dilrubaya) Valiko yoldaşın qadınıdır, bizim yaxın dostumuzdur. Özü də inqilabçıdır. Nina — Xoşbəxt olsunlar. Nə qədər də gözəldir. Amma bilmirəm nədəndir ki, qara gözlü qızların hamısı acıqlı olurlar. Qüdrət — O həm acıqlıdır, həm də qısqancdır. Məktubun yubanmasına səbəb də budur. Bir qədər də yubansa idim... Nina — Bəs belə de... deyirəm axı, bu qız nə üçün mənə acıqlı cavab verir. Gəl yaxından tanış olaq. Mən Qüdrətin əqidə yoldaşıyam. Zeynəb — (qəhqəhə ilə gülür) A qız, yoxsa Nina bacıya qısqanırdın? Dilrüba — (sevindiyindən Ninanı öpür). Məni bağışla, mən səninlə qaba rəftar elədim. Qüdrət — Amma mən nə səni, nə də bacımı bağışlamayacağam. Cavad ağa — (qapını açıb içəri girir) Gecəniz xeyir. Sizin dalınızca gəldim. Quruçay tərəflərində vəziyyət qorxuludur. Düşmən o tərəflərə güclü qoşun dəstələri gətirir. Nina — Elə mən də bunun üçün gəlmişəm. Konsulxanada olan məlumata görə hökumət qoşunu Maralan və Quruçay tərəflərindən şəhərə soxulacaq. Qüdrət — (Zeynəb və Dilrübaya) Bu gecə başqa gecələrə bənzəməz. Siz bu gecə evdə oturun. Cavad ağa — Mən də belə məsləhət görürəm. Zeynəb — Uşağın yanında qalmağa adam tapmışam. Ölsək də, qoy bir yerdə ölək. Qüdrət — Özünüz bilin, (Cavad ağaya) Düşmən Qara Məlik məhəlləsinə soxulub. Sən o tərəflərə getməlisən, vəziyyət qorxuludur. Sərdar bu vəzifəni sənə həvalə edib. Cavad ağa — Mən hazıram. Qüdrət — O tərəflərdəki vəziyyəti öyrənib qayıtmalısan, yubanma! Cavad ağa — Bu saat! Qüdrət beşiyin yanına gəlib yavaşca uşağın üzündən öpür, getmək istərkən Dilrüba onu dayandırır. Dilrüba — Dayan, mən də gedirəm (libasını dəyişmək üçün o biri otağa gedir). Nina — Birlikdə gedək. Mən də Valikonu görmək üçün qərargaha gedəcəyəm. Qüdrət — Zeynəb, uşağı tək buraxma. Dilrüba gəlir. Qüdrət və Nina vidalaşıb gedirlər. Cavad ağa — Zeynəb, bilirəm, mən desəm də sözümü eşitməyəcəksən. Amma oğlumu sənə tapşırıram. Vaxtdır, mən gedirəm. Zeynəb — Hansı səngərdə olacaqsan? Cavad ağa — Quruçay səngərlərində! Zeynəb, mənim başıma bir iş gəlsə, sən uşağı bir təhər yaşatmalısan. Zeynəb — O fikirləri başından at, əzizim. Cavad ağa — (gəlib uşağın üzündən öpür, saatını qoynundan çıxarır) Zeynəb, al bu saatı, Məcid böyüyəndə ona verib deyərsən ki, atan bağışlayıb, sənə yadigardır. Deyərsən ki, atana da Səttar xan bağışlamışdı. Zeynəb — (uşaq ayılır): Laylay beşiyim laylay, Evim-eşiyim laylay. Sən get şirin yuxuya. Çəkim keşiyin, laylay. Cavad ağa — (gedib, yenə də beşiyin yanına qayıdır) Yat oğlum, yuxun şirin olsun! Sevimli balam, yat! Sənin xoşbəxt yaşayışını tə’min etməyi bacarmadımsa da, minlərcə sənin kimilərin səadəti uğrunda ölümə gedirəm. Zeynəb onun boynunu qucaqlayır, öpüşürlər. Pərdə * * * Altıncı pərdə Quruçay körpüsü. Cəbhədir. Körpünü düşmən qoşunları müdafiə edir. Atışma səsləri eşidilir. Səttar xan dəstəsi hücuma keçir. Düşmən qüvvəsini sıxışdırıb səhnədən çıxarırlar. Qüdrət, Cavad ağa, Tütünçüoğlu, Tağı bəy və başqaları vuruşurlar. Qüdrət — (səhnə arxasında) Mücahid, hazır ol, səngərdən qalx! Sağa və sola hücum! Körpüyə tərəf irəli! Qoşun hücum edir, körpünü alırlar. Cavad ağa — Düşmən artıq körpüyə kömək verə bilməyəcək. Qüdrət — Hələlik hücumu dayandırmaq lazımdır. Buradan yüz addım irəli getsək, düşmən bizi mühasirəyə ala bilər. Maralan və Xiyaban düşmən əlindədir. Cavad ağa — (qoşuna) Fərağat! Tağı bəy — Necə yə’ni fərağat? (Havaya bir güllə atır) Düşmən qüvvələri pozulub qaçdığı bir zamanda hücumu niyə dayandırırsınız? Qüdrət — Sakit, Sərdar belə əmr vermişdir. Tağı bəy — Biz qan tökub körpü almışıq. Bu başlayıb ki, fərağat... Cavad ağa — Əvvələn, sən körpü alınandan sonra gəlmisən. İkincisi, Sərdarın əmri bizim üçün qanundur. Tağı bəy — (qoşuna) Uşaqlar, biz kimi gözləyirik? Allaha şükür, buradakıların hər biri bir Səttar xandır. (Bir güllə də havaya atır.) Tütünçüoğlu — Səttar xan Sərdari-milli, Bağır xan Salari-milli. Ay Tağı bəy, sənə nə ad qoyaq? Cavad ağa — Ad məndə: Səttar xan Sərdari-milli, Bağır xan Salari-milli, Tağı bəy də bərkə düşəndə, Dalığalari-milli. Gülüşürlər. Tütünçüoğlu — Qardaşın canı üçün lap boyuna biçilib!! Tağı bəy — Sizin çənəniz işləyir, mənim başım. O ki, qaldı dala qalmağa, burda heç gülməli bir şey yoxdur. Heyif ki, gülləm azdır, yoxsa hər birinizə bir güllə vurardım. (Havaya güllə atır). Tütünçüoğlu — Güllən azdırsa, onda havaya güllə atma. Qüdrət — (telefonda) Cənab Sərdar, əmrinizə görə hücumu dayandırmışam. Bəli... Qoşunun ruhu yüksəkdir. Çalsınlar, oxusunlar, oynasınlar? Baş üstə! Biz sizin əmrinizi gözləyəcəyik. (Telefon dəstəyini yerinə qoyur. Qoşuna müraciət edir). Oxuyun, çalın, bunun özü də qələbədir. Ruhunuz yüksək olsun. Qələbə bizimdir! Tütünçüoğlu — Uşaqlar gəlin vaxtımızı boş yerə keçirməyək. Ölənlərin eşqinə, qalanların şərəfinə bir-iki ağız oxuyun görək. 1-ci mücahid — Ay düdükçülər, indi ki, tüfəngləri yerə qoymuşsunuz, düdükləri işə salın görək! Tağı bəy — Elə görürəm, işlərimizin hamısı düdükdən ibarət olacaq. Tütünçüoğlu — Tağı bəy, burax görək, düdük olan yerdə zurnaçılığın nə mə’nası var. Gülüşürlər. Tağı bəy — Belə daha olmaz axı, biz bura çalıb-oynamağa gəlməmişik ki. (Qüdrətə) Biz döyüşmək istəyirik. Tütünçüoğlu — Həsənağa, başla görək. Həsənağa — (Oxuyur): Təbrizin üstünü alıbdır duman, Dönmərəm yolumdan dizə çıxsa qan. Səttar xanam, İsmayıl xan oğluyam, Qəhrəmanam, vurub yıxan oğluyam! Tağı bəy — Sağ ol, yaşa! (Güllə atır). Cavad ağa — Sənə deyildi ki, havayı güllə atma! Tağı bəy — A balam, özünüz dediniz ki, ruhumuz yüksək olsun, mən də kef eləyirəm. Həsənağa — (oxuyur) Atam Qaradağda hamıdan qoçaq, Özüm də elimdən düşmüşdüm qaçaq. Atlansam Təbrizdə tufan qopacaq, Səttar xanam, İsmayıl xan oğluyam, Qəhrəmanam, vurub-yıxan oğluyam. Tütünçüoğlu — Baqi olsun Səttar xan! Qüdrət — Arxa tərəfdən gələn var (Qüdrət qaraltı tərəfə gedir). Tağı bəy — Belə olar ha! İrəli getsəydik, düşmən bizi burada yaxalamazdı. (Yavaşdan) Dədəmizin evi yıxıldı! Tütünçüoğlu — (Tağı bəyə) Otur yerə, nə tez kürkünə birə düşdü? Cavad ağa — (səsləyir) Kimdir o?.. Bağır xan — Mənəm, özgəsi deyil! Cavad ağa — Gecənin adı? Bağır xan — Girman. Cavad ağa — (səngərdə) Gələnlər bizimkilərdir. Tağı bəy — (bucaqdan qalxır) Bizimkilər olmamış kim olacaqdır? Tağı bəy ki, buradadır, bir nəfərin də burnu qanamaz. Bağır xan — (gəlir) Gecəniz xeyir, uşaqlar! (Qüdrətin əlini sıxır). Bu gecəki qələbənizi təbrik edirəm! Məncə daha irəli gedə bilərdiniz. Qüdrət — (Bağır xana) Yox, Salar. Başqa cəbhələrdən xəbərimiz yox idi, irəli gedə bilməzdik. Mühasirə qorxusu var idi. Bağır xan — Elədir, Maralan altında duran qoşun arxamızı kəsə bilərdi. (Öz-özünə). Təbriz top güllələri altında titrəyir. Tağı bəy — (səngərdəkilərə) Gördünüz xəyanət var? Bə mən deməyim bu bakılı bizi satdı? Bağır xan — (Tağı bəyə acıqlanır) Sən haradan gəlib bura düşdün? Tağı bəy — Cənab Salar, azadlıq uğrunda bir qətrə qanım qalana qədər vuruşan oğlanam. Bağır xan — (gülür) Mən səni yaxşı tanıyıram. Fərraş Tağı Azərbaycanın azadlığı uğrunda!? İnanmalı sözdür? (Tağı bəyə). Dur buradan rədd ol get! Tağı bəy — Başına dönüm, Salar, keçənin bu vaxtında, inqilabçı adam, mən hara gedim? Tütünçüoğlu — Ay uşaq, iki top, dörd pulemyot, yüz nəfər də mücahid götürüb Dalığalari-millinin evlərinə ötürün. Tağı bəy — (Bağır xana) Cənab Salar, başına dönüm! Bağır xan — Yaxşı, otur yerində, səsini çıxarma! Qüdrət — (telefonda) Mərkəz, mərkəz. Maralan cəbhəsini ver! Qüdrətdir. Quruçay cəbhəsi danışır. Hə, hə mənəm, Sandro. Gülləyə qənaət etmək lazımdır. Yadından çıxmasın. Qırx nömrəli bombalar 30 addımlıq məsafədən... əlbəttə, Xiyaban və Göy məscid cəbhəsi ilə əlaqə saxla! (Dəstəyi yerinə qoyur) Bağır xan — Maralan tərəflərində düşmən topları göz açmağa imkan vermir. (Telefonun zəngi vurur. Bağır xan dəstəyi götürür.) Bağır xandır, gecəniz xeyir, Sərdar! Bəli, uşaqlar düşməni körpüdən məharətlə qovublar. Tələfat əhəmiyyətsizdir. Eşidirəm... Nə üçün? Bu saat (dəstəyi yerinə qoyur). Sərdar xəbər verir ki, düşmən Açı körpüsündən şəhərə soxulur. Qüdrət — (Tütünçüoğluna) Əsəd, bir qutu bomba ilə Açı körpüsünə, tez ol! (Cavad ağaya). Atlar hazırdır ya yox? Tütünçüoğlu — Hazırdır. Qüdrət — Elə isə yubanma! Cavad ağa — Uzaqdan qaraltılar görünür. Kimdir o? Zeynəb — (qadınlar və qızlarla gəlir) Girman! Gecəniz xeyir yoldaşlar. Cavad ağa — Zeynəb, yaralanmısan? Zeynəb — Salar və Sərdar sağ olsun! (Pulemyotu səngərə çəkir). Qüdrət — Saman meydanı tərəflərində nə var? Zeynəb — Orda işi bitirdik. Düşmən çoxlu tələfat verib qaçdı. Sərdar əmr verdi ki, pulemyotu Quruçay səngərinə aparım. Qızlar yemək şeyləri və küzələrdən su tökub mücahidlərə paylayırlar. Qüdrət — (Zeynəbə) Bəs Dilrüba harada qaldı? Zeynəb — Dilrüba Dəvəçi qapısında vuruşur. Bağır xan — (qarşı tərəfə baxır) Düşmən körpünü geri almaq üçün hazırlıq aparır. Qüdrət — (körpünün üstündə) Bir güllə də atılmamalıdır! Tağı bəy — Qəribə kələyə düşmədik?! Qüdrət — Gərək düşmən bizim körpüdə olan qüvvəmizi bilməsin. Düşmən güllələri səngərə tökülür. Tağı bəy — Qəribə adamdır ha! Düşmən bu saat gəlib sizi toyuq kimi kişləyib aparacaqdır. Ağamız deyir ki, bir güllə də atılmasın; (qoşuna). Siz nə fikirdəsiniz, evi xarabın uşağı! Cavad ağa — Səsini kəs, toyuq hində olar, səngərdə olmaz. Sənə bir dəfə deyildi ki, otur yerində. Tağı bəy — Canım, bu olmadı ki, biz də özümüzə görə bir kişiyik ya yox? İgid igidlə belə rəftar eləməz axı? Tütünçüoğlu — (səngərə) Ay uşaq, bir xəkandaz od ilə bir qədər səs eşitməmiş üzərrik gətirin, igidə göz dəyər. Qüdrət — İgidə bir baxın! Bağır xan — Qələbəni qazandıran cəsarətdir, ürək möhkəmliyidir, intizamdır. (Qüdrətə) Vaxt deyilmi? Qüdrət — Yox, Salar, bomba məsafəsi deyil. Cavad ağa — Mücahid, hazır ol! Tağı bəy — Buyur indi geri otur. (Bir güllə atır). Qüdrət — (Bağır xana) Xəyanət! (Səngərə) Mücahid, hazır ol! Düşmən qüvvəsini bir yerə yığmaq üçün sağı-solu vurun. Düşmən tərəfindən səslər ucalır. Səslər — Əli xan, irəli! — Səfərəli xan, irəli! — Məmmədəli xan, irəli! Qüdrət — (Cavad ağaya) Cəvahir yaralandı. Qadının yerinə başqası keçir. Qadınlar tez-tez yaralıları götürürlər. Bağır xan — (əlində tüfəng danışır) Mücahidlər, igidlik və imtahan vaxtıdır. Cəbhədə ölmək daha şərəflidir. Möhkəm dayanın, qoy düşmən bilsin ki, Azərbaycan xalqı ayaqlarda sürünməyəcəkdir! Tağı bəy — (səngərdəkilərə) Bizim özümüzün də əqidəmiz var ya yox? Çəkilməyin də vaxtını bilirik, irəli getməyin də! Səslər — Tağı bəy yalan demir ki!.. Zeynəb — Bu nə danışıqdır? Sizin bu hərəkətiniz dost adamın hərəkəti deyil, pozğunluq salanlar özündən küssün!.. Tağı bəy — Sən öləsən, yaxamız arvad-uşaq əlində qalmayıb?! Heç bilmirəm, bu papağı başımıza nə üçün qoymuşuq! Cavad ağa — Saların əmrindən çıxanın beynini dağıdaram. Qüdrət — (əlində bomba) Yerə yatın! (Bombaları atır). Bir, iki, üç! (Səngərdəkilərə) Atəş! Düşmən tərəfə atəş açırlar. Cavad ağa — (Bağır xana) Cənab Salar, Sərdar sizi telefona çağırır. Bağır xan — (telefona) Aha, bu saat! Bəli, eşidirəm... Əmin ola bilərsiniz. (Dəstəyi yerinə qoyur). Sərdar buyurur ki, Maralan altında duran düşmən qoşunu darmadağın oldu. Quruçay cəbhəsi hücuma keçə bilər. Qüdrət — Salar, biz burda dayansaq, düşmən qüvvətini toplayıb hücuma keçəcək. Bağır xan — Ürəkli olun! Düşmən Açıçay tərəflərində basılmışdır. Sərdar bu saat bizim köməyimizə gələcək. Cavad ağa — Kimdir o? Qaraltı səs vermir. Tağı bəy — Qoy əhdini kəsim. (Vurmaq istəyir. Zeynəb tüfəngin lüləsi ilə ona mane olur, güllə havaya gedir). Zeynəb — Dayan! Tağı bəy — Necə yə’ni dayan? Mən inqilabçı adamam, heç vaxt ehtiyatı əlimdən verə bilmərəm (Bir güllə də havaya atır. Dilrüba səngərə daxil olur). Dilrüba — (Bağır xana) Salar, casus tutulub, Eynüddövləyə kağız aparırmış. Bağır xan — Bəs hanı? Dilrüba — O özünü öldürdü. Apardığı məktubu götürmüşəm. Bağır xan — Məktubu ver. (Alır. Tağı bəy qaçmaq istəyir). Cavad ağa — Hara? Tağı bəy — Cənab Saların əmrindən çıxan oğlan deyiləm, dedi get, mən də gedirəm. Tütünçüoğlu — Otur! Tağı bəy — Canım, burada oturmağa məcbur deyiləm ki? könüllü yazılmışam, könüllü də gedirəm. Cavad ağa — Onu buraxmayın! Bağır xan — (Dilrübaya) Barəkallah qızım! (Məktubu açıb fənər işığında oxuyur). Tağı bəy — Bu da inqilabçının axırı. A balam, səngər mənim üçün dustaqxana yad deyil ki? Qoymazsınız çıxıb kasıbçılığımıza gedək? Bağır xan — (məktubu oxuyur) «Cənab şahzadə, şərtimizə görə, havaya atdığım güllələri sayarsınız. Hər gülləm yüz nəfərdir. Bu, körpüdə beş yüz mücahid olduğuna işarədir. Körpünü əbəs yerə buraxdınız. Əlli nəfərə qədər mücahid ölübdür. Aralığa təfriqə salmışam. Bir çoxu döyüşmək istəmir. Qüdrəti fürsət düşən kimi vuracağam». Xəyanət! Belə bir məktubu Eynüddövləyə kim yaza bilər? Cavab verin, kim yaza bilər? Cavad ağa — Tağı bəy, Tağı bəy yaza bilər. Tütünçüoğlu — Havaya güllə atan da Tağı bəy idi. Tağı bəy — (Bağır xana) Bir qələtdir eləmişəm, məni Sərdarın başına bağışlayın! Adam xatasız olmaz ki, qorxudan yazmışam. Bağır xan — (mücahidlərə) Bu alçaq xainin cəzası nədir? Zeynəb — Ölüm! Bağır xan — (Cavad ağaya) İnqilab adından əmr edirəm! Tağı bəy — Məni inqilaba bağışla. Bağır xan — Düşmən yaxınlaşır. Mən sol tərəfdən, Cavad ağa sağ tərəfdən bombaları atan kimi səngərdən qalxarsınız. (Zeynəbə). Pulemyotu körpünün başına çəkin, hücuma keçmək istəyən düşmənə imkan verilməməlidir. (Cavad ağa, Qüdrət və Zeynəb gedir. Mücahidlərə). Dostlar, azadlıq təhlükələr içindən süzülüb keçir. (Top, tüfəng səsləri gəlir). Bu səslər bizi mübarizəyə çağırır. İgidliyə də’vət edir. Bizə qələbə müjdələri verir. (Bomba səsləri eşidilir, Bağır xan əlində tüfəng səngərdən qalxır.) Mücahidlər qalxın! Səngərdən çox az adam qalxır. Qüdrət, əlində tapança gəlir. Tağı bəy arxadan ona bir güllə atır. Dilrüba — (Tağı bəyi vurur) Alçaq, nə etdin? Qüdrət — Dilrüba, tez pulemyotun arxasına keç. Zeynəbi vurdular. Əsəd, bomba ver! (Səngərdəkilərə) Qardaşlar, düşmən bizimkiləri mühasirəyə almaq istəyir. Salar köməksizdir, səngərdən qalxın, hücum! Zeynəb — (gözünü açır, Cavad ağanı səsləyir) Cavad ağa, oxu, oxu, qoy son dəfə səsini eşidim. Oxu, yubanma, oxu! İldırım şığıyır, yağış başlayır. Cavad ağa — (Gözünün yaşını silib oxuyur): Bu dağlar ulu dağlar, Çeşməli-sulu dağlar, Burda bir gəlin ölür, Göy kişnər, bulud ağlar! Zeynəb — (birdən gözünü açır) Cavad ağa, Məcidi yaxşı saxla! (Ölür). Dilrüba — (başından şalını açıb, onun üzünə çəkir) Zeynəb, Zeynəb! Məcidi öz oğlum, öz balam kimi bəsləyəcəyimə cənazən qarşısında and içirəm. Qüdrət — Salar, düşmən bizi mühasirəyə almaq istəyir. Tütünçüoğlu — (tələsik gəlir) Səttar xan gəlir! Səttar xan — Hanı Salar? Qüdrət — Sərdar, xəyanət baş verdi. Vəziyyət ağırdır. Bağır xan — Sərdar, biz hücumu uduzduq. Səttar xan — (üzünü qırmızı bayraqlara tutur) Siz də şərəflə başınızı əyin. Azərbaycan qadınlığının qəhrəman övladı ilə vidalaşın. Aslan ürəkli, polad iradəli Zeynəblə son dəfə görüşün! Bayraqlar başını əyir, matəm marşı çalınır. Bağır xan — Zeynəb, Zeynəb! Şahların taxtını tərsinə çevirsəm də, ürəyimdə yanan intiqam odu sönməyəcəkdir! Səttar xan — (mücahidlərə) Azərbaycanlılar, verdiyimiz qurbanlar inad və iradəmizi çoxaldır. Mübarizə davam edir! Səngərdən qalxın, qoy Təbriz üfüqlərində şığıyan ildırımlar şahın gözlərini bir daha qamaşdırsın, qurbanlar eşqinə irəli! İstiqlal və azadlıq uğrunda irəli... Qoşun hücuma keçir. Səhnə boşalır, atışma səsləri gəlir. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-dumanli-tebriz-pyes İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.