Dumanlı Təbriz Məmməd Səid Ordubadi (1872–1950) Araz kənarında Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır. Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı. Yanları xəfifcə donmuş, bununla da ağ şərf kimi qumlar üzərinə döşənmiş bir çayın bir tərəfində Rusiya inqilabı qan dənizində boğulur, o biri tərəfində isə əzilmiş kütlələr, üsyan deyə, gözlərini açırdılar. Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmur, yenə də çar qamçılarının qorxusundan səsini çıxarmır və axırdı. Yağış şiddətlə yağırdı. Dekabrın buzlu yağışı havada donub özünü ovçu tüfənginin qırmaları kimi mürgüləməkdə olan çayın mavi yanaqlarına çırpırdı. Şiddətli küləklərlə gələn dekabr yağışları, Arazın köynəyini qaldırıb köksündəki balıqları göstərirdi. Lakin çay yenə də dinmir, yenə də çar jandarmlarının göz ağartmasını unuda bilməyənlər kimi görünürdü. Yağış Rusiyadan yeni keçən müsafirlərin hərəkətinə imkan vermirdi. Hər kəsin əynində nəyi vardısa buzlamış, vücudunu buzdan qayrılmış bir heykəl şəklinə salmışdı. Müsafirləri yağış çıxılmaz bir vəziyyətdə qoymuşdu. Hər kəs daldalanmaq üçün örtülü bir yer axtarırdı. Müsafirlərin bir qismi palçıq divarların dibində sıra ilə düzülmüşdü. Müxtəlif siniflərdən olan bu müsafirlərin birisi bürüncəyə, o biri yorğana, bəziləri də palaz və cecimə bürünmüşdü. Müsafirlərdən bir çoxu – bu dağılmışda heç vaxt sağlam bir hava görmədim – deyə Culfa mühitinə nifrət yağdırırdı. Mən bunların heç birinə əhəmiyyət vermirdim. İnqilaba başlamış bu kəndli ölkəsində, az da olsa inqilabdan bir nişanə olub-olmamasına diqqət yetirirdim. Bir kəndli iki böyük səhəngi xurcuna salıb uzunqulağının üstünə aşırmışdı. Çayçı dükanlarına su daşıyan bu gənc: «Əz-xuni cavanani-vətən lalə dəmidə» deyə oxuyurdu. Kəndlinin, doğrudan da, özünü inqilab qaldırmış bir məmləkətdə hiss etdiyi görünürdü, çünki bu sözləri eni əlli metrdən çox olmayan Araz çayının şimal tərəfində danışmaq olmazdı. Mən yanımda duran iki nəfər gənc qızın ölümcül halda titrədiyinə baxmayaraq, şadlanırdım. Özümü azad bir torpaqda hiss edirdim. Qızlar da köhnə bürüncəklərilə bərabər bir parça buza dönmüşdülər. Onlar nə fars, nə də türk qızı idilər. Rusca danışırdılar. Müsafirlərin gözü Culfa düzünün başında olan dağ burnuna dikilmişdi. Bununla bərabər, qızlara baxan və onları başdan-ayağa gözdən keçirənlər də az deyildi. Lakin qızlar bunların heç birinə əhəmiyyət vermirdi. Müsafirlər Dərədüz burnuna baxdığı üçün qızların da gözləri o tərəfə dikilmişdi. Uzaqdan görünən hər bir qaraltı üzlərdə böyük bir şadlıq oyadırdı. Fəqət bir az keçəndən sonra yenə də ümidsizlik doğuldu. Dağ burnunda toplanmış qaraltılar şimal küləyinin qarşısında müqavimət göstərmədən dağılıb gedirdi. Avtomobil gəlməyəcəyini bilirdim, çünki inqilab hərəkatı genişləndiyindən Culfa–Təbriz yolundakı hərəkətin qeyri-adi bir şəkil alacağı aydın idi. Bəzən avtomobilin həftələrlə gəlmədiyini də söyləyirdilər. Müsafirlər arasında cürbəcür səslər eşidilirdi: – Vallah mən bu dövlətlərin işinə lap məəttələm. İşə qarışıb beş-on nəfər lotu-potunu yerində oturtmurlar. İnqilab bizim nəyimizə gərəkdir? Məgər biz indiyə qədər azad deyildikmi? Ticarət dayanıb, alış-veriş, gediş-gəliş kəsilibdir. – Hərgah torpaq bizimdirsə, mən çox yaxşı tanıyıram. Bizdən heç bir şey çıxmaz. Verək urusa, ingilisə, qurtarsın getsin. Yoxsa belə getsə, torpaq və mülk saxlamaq da mümkün olmayacaq. – Canım, inqilab harada idi? Hamısı dinsizlik... Hamısı vələdüzzinalıq. Budur bax, hələ möhkəm inqilab olmamış bu günə düşmüşük. Yağışın altında qırılırıq. Kəlamüllaha and olsun! And olsun çağırdığım Hüseynə! Bunlar mədəniyyəti pozacaqlar. Nə ruhani tanıyırlar, nə halal, nə haram qanırlar. – Allah özü bunların cəzasını verəcək. Nəyimizə lazımdır məşrutə? Bir şey ki, Quranda yoxdur... Kimin nəyinə lazımdır?! – Bəlkə də, sizə lazım deyildir; çünki ehtiyacımız yoxdur. Amma bizə lazımdır. Bu cür səsləri çox eşidirdim. Yanımda duran gənc qızların səbri tükənmişdi. Kiçik qız böyüyə müraciətlə: – İraida, bu fəlakətin səbəbi sənsən. Mən İranı tarixdə də oxumaq istəməzdim, – deyə bacısını tənqid edirdi. Böyük qız onu sakit etməyə çalışaraq: – Darıxma, – deyirdi, – bizə burada bir qorxu yoxdur. Bura Rusiya müstəmləkəsidir. Hər bir rus burada hakimdir. Bunlar ən adi bir rusdan böyük Allahdan qorxduqları kimi qorxurlar. Kiçik qız çox acıqlandı: – Sus! – dedi. Rusca danışma. Müstəmləkə xalqının hakim millətləri görməyə gözü yoxdur. Mümkün olduqca rusca danışmağı burax. Şərqlilərin rusları görəcək gözləri yoxdur. Sən bilirsənmi biz haradayıq? Rusların xalqı son köynəyinə qədər soyduğu bir yerdə! – Bilirəm, bilirəm, bizə heç bir şey olmaz. Şərqlilər qadınlara, xüsusən sarısaçlı qızlara nəhayət dərəcədə ehtiram bəsləyirlər. Bunu mən bir çoxlarından eşitmişəm. – Bu bizim üçün daha da qorxuludur. Bunlar bizi gözləri ilə yemək istəyirlər. Bizi bunların əlindən nə kimi bir qüvvə qurtara bilər? Bu söhbətlərdən sonra böyük qız da titrəyir və ağlayırdı; o, artıq cavab vermirdi. Bunu görərkən kiçik qız onu məzəmmət etməkdən vaz keçdi və dedi: – Ağlama, İraida, hər nə olubsa keçibdir. Baxaq görən taleyimiz bizə nə verəcəkdir. Avtomobil gəlmədi. Ümid kəsilmişdi. Təbrizə getmək üçün faytonlar da vardı; qızlar bir-iki faytona yanaşdı. Fəqət onlar kimi tez getmək üçün bir çoxları tələsirdi. İyirmi nəfər tacir birdən faytonçulara para uzadırdı: qızlar isə həyacanla geri çəkilib, yenə də divarın dibinə sıxılırdılar. Görünür, qızlarla bir faytonda Təbrizə getmək üçün tacirlər bir-biri ilə rəqabətə başlamışdılar. Qızlar nə edəcəklərini bilmirdilər. Özlərini itirmiş, o tərəf-bu tərəfə boylanırdılar. Bunlar hansı tərəfə dönürsə, həris tacirlər də yaxalarını, üst-başlarını düzəldib qızların qarşısına keçirdilər. Qızlar bunların əlindən yaxa qurtarmaq üçün bir vasitə axtarırdılar. Faytonçularla tacirlər «barışnya, gedək» deməkdən yorulmurdular. Bir tərəfdən «sulanmış» gözlə baxan tacirlərin hücumu, o biri tərəfdən də yolların qorxulu olması xəbəri müsafir qızların ürəyini sarsıdırdı. Onlar dünyanın mərhəmət və yardımından ümidini kəsmiş adamlar kimi yarımağlar gözlərini adamların üzünə dikirdilər. Kiçik qız mənimlə tanış olmadığına baxmayaraq: – Bu yollardan iki qızın bir faytona minib Təbrizə yalqız getməsi mümkündürmü? – soruşdu. Mən bunlara nə cavab verə bilərdim? – Yalqız gedənlər də olur. Burası müsafirin özündən asılıdır. Məncə tək getmək məsləhət deyil, – dedim. Başqa bir sözüm yox idi. Qız yenə də soruşdu: – İnqilabçılar nə üçün bu yolları düzəltmirlər? – İnqilab, görünür ki, hələlik tamamilə qalib gələ bilməmişdir. Çünki yolların ətrafında məskən salmış xanları əzmək üçün çox vaxt lazımdır. Qızlar məndən qənaətləndirici bir cavab ala bilmədikləri üçün bir-birinin üzünə baxmağa başladılar. Kiçik qız yenə də sükutu pozub soruşdu: – Burada gecələmək üçün mehmanxana varmı? – Xeyr, yoxdur! – Bəs müsafirlər harada gecələyirlər? – Çayçı dükanlarında. Bəzən tanış tacirlərin və ya hökumət məmurlarının evlərində. – Əcəba, qadın müsafirləri ilə kişilər bir yerdəmi gecələyirlər? – Xeyr! Qadın müsafirləri olanda çayçı dükanının ortasından pərdə çəkirlər. Bu sözdən sonra aralığa yenə də sükut çökdü. Səs gəlməyirdi. Yağış da kəsilmişdi. Yağışdan əmələ gəlmiş gölməçələr piy kimi donmağa başlayırdı. Adamlar çamadan, xurcun, yorğan və döşəyini götürüb bir tərəfə çəkilməyə hazırlaşırdı. Çayçı Cəbrayılbəy və Nayib Məhəmmədhüseynin şagirdləri müsafirlərin arasına yayılıb «Yaxşı mənzilimiz var», – deyə qışqırır, müsafirlərin əlindən çamadanlarını qapırdılar. Bunun üstündə bir-birləri ilə rəqabət aparırdılar. Mən yanımda duran bir iranlıdan: «Bu rəqabət nə üçündür? Şagirdlər xalqı nə üçün zorlayıb şeylərini almaq istəyir?» – soruşdum. İranlı mənim üzümə baxıb: – Bunlar çayçı şagirdləridir. Hərgah bir kərrə, iki kərrə müsafir aparmazsa, dükan sahibi onu saxlamaz! – dedi. Bu halda iki nəfər çayçı şagirdi gəlib qızların şeylərini götürmək istəyirdi. Qızlar isə şeyləri əllərindən buraxmayırdılar. Mən işə müdaxilə edib bu uşaqları qızların ətrafından dağıtmağa müvəffəq oldum. Şeylərini götürüb gedən adamlar qızlara da getməyi təklif edirdilər. Öz qonaqlarını evinə aparmaq istəyən yerli tacirlər də vardı. Bunlardan Molla Həsən Məhəmmədzadə mənə yanaşaraq «yoldaşlarınızı da götürüb bizim bəndəxanaya buyura bilərsiniz» – dedi. Mən: – Bunlar mənim yoldaşım deyil,– dedikdən sonra Molla Həsən daha məni evinə təklif etməkdən vaz keçib, bir söz demədən uzaqlaşıb getdi. Bundan sonra daha başqaları yanaşdı. Yenə də mənim qızlarla tanış olmadığımı bilib əhəmiyyət vermədən getdilər. Müsafirlərdən çox az adam qalmışdı. Mən də şeylərimi götürmək üçün adam axtarırdım. Qızlar durduqları yerdə ayaqlarının birini qaldırıb o birini qoyurdu. Uzaqda durub bunların haraya getməsini öyrənmək istəyən tacirlərin də vəziyyəti belə idi. Onları da soyuq əldən salmışdı. Divarın dibində bir mən idim, bir də qızlar. Qızlar artıq ağlayır, bunu gizlətməyə çalışırdılarsa da bacarmırdılar. Bunların çıxılmaz vəziyyətdə qalması məni də düşündürürdü. Qızların salamat və rahat bir yerdə gecələməsi lazım idi. Bu isə İran Culfasında heç mümkün deyildi. Burada hökumət nə inqilabın əlindədir, nə də köhnə hökumətin. Bu yerlərin hakimi gəncəli Məhəmmədovlar, müvəkkilləri olan Hacı Hüseyn ağa, onun qardaşı Məşədi Məhəmməd Bağır, bir də Tağıdır. Bütün idarə bunların əlindədir. Bu isə bütün başıpozuqluğun birinci səbəbi idi. Kiçik qız bir daha mənə yanaşaraq soruşdu: – Əcəba, bizə yardım əlinizi uzadıb Rusiya sahilinə qayıtmağımıza kömək edə bilərsinizmi? – Əfv edərsiniz! – dedim. – Bu, heç də mümkün deyil. Körpü və tamojna bağlanmışdır. Sabah saat doqquza qədər oradan kimsəni buraxmazlar. Siz gərək avtomobil gəlib-gəlməyəcəyini Rusiya sahilində ikən öyrənib, sonra bu tərəfə keçəydiniz. * * * Günəş Şüca düzündəki dəvə karvanlarının başı üstündən ötüb Qardaş təpələrinin dalında gizlənməyə başlamışdı. Günəş çəkildikcə şimal qorxuları yenə də artırdı. Rus çar konsulu agenti Jarskinin cürbəcür paltarda olan xəfiyyələri dışarı çıxıb ətrafı köpək kimi qoxulayır və Rusiyadan İrana keçənlərin kim olduqlarını öyrənməyə tələsirdi. Hava getdikcə soyuyurdu. İran sahilləri yenə də arxasını şimalın buzlu küləklərinə vermişdi. Yenə şimal küləyi inqilabçı ölkənin qabırğalarına ox kimi sancılırdı. Şimalın xəfiyyəsi və şimalın küləyindən qorxan İran kəndlisi başını tısbağa kimi qınına çəkib həm küləkdən qorunmaq, həm də çar xəfiyyələrinə görünməmək üçün tez-tez sivişib qaçırdı. Poçt-teleqraf rəisi avtomobilin olmadığını eşidib məni evə qaytarmaq üçün gəlmişdi. Yanında kiçik oğlu ilə bərabər bir neçə poçt xidmətçisi də vardı. Şeylərimi götürdülər. Qızlar plaşa bürünərək bir cüt büt kimi durmuşdu. Donmuş plaşları bir-birinə toxunduqda xışıltısını uzaqdan eşitmək olurdu. Onları buraxıb getmək vicdanıma sığışmadı, onları da aparmağı qərara aldım. İstədim ki, İranda vəhşi və qadın düşkünləri varsa poçt rəisi kimi ziyalı və tərbiyəli adamların olduğunu da görsünlər. Yanaşaraq dedim: – Xanın evində gecələmək üçün gedirsinizmi? Xanın ailəsi sizi rahat edər. Xanımı da tərbiyəli və hörmətli bir qadındır. – Ev sahiblərinə zəhmət olmazsa, məmnuniyyətlə gedərik, – deyə onlar şeylərini götürmək istədilər. Poçt xidmətçiləri qızların şeylərini götürdülər. Dinc addımlarla sanki yeni həyata doğru irəliləməyə başladılar. Xanın qadını onları çox hörmətlə qəbul etdi. Qızları üst-başlarını qurutmaq və dəyişmək üçün xüsusi otağa göndərdi. Mən də başqa otağa keçib paltarımı dəyişdim. * * * Poçt-teleqraf rəisinin evində Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər. Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır. Salondakı böyük və yüz şamlı avizədən başqa masaların üstündə duran lampalar da bəzəkli bir gəlinə bənzəyirdi. Bütün qabların, lampaların, hətta xanın daim çəkdiyi qəlyanın da üstündə farsca belə bir cümlə oxunurdu: «Sifariş – Hacı Məhəmməd Cəfəri Büllurfüruş». Bütün qabların Hacı Məhəmməd Cəfər Büllurfüruş tərəfindən Avropa müəssisələrinə sifariş edildiyi aydın idi. Salonda qızların və mənim nəzərimi cəlb edən şeylərdən biri də silahlı inqilabçıların şəkilləri idi. Hər tərəfə Səttar xan, Bağır xan və sair inqilab qəhrəmanlarının fotoları vurulmuşdu. Qızların hər ikisi görmədiyi şeyləri diqqətlə nəzərdən keçirir və bir-birinə izahat verirdi. Çay hazır idi. Xidmətçi qadın samovarı masanın üzərinə qoymuşdu. Çayı xanın qadını hazırlayırdı. Stəkanları doldurduqdan sonra qızlara müraciətlə: – Xanımlar, çay masası yanına buyurunuz! – dedikdə qızlar sanki yuxudan oyandılar. Kiçik qız: – Əfv edərsiniz! – deyə əlini uzatdı və hamı ilə tanış oldu. Kiçik qız Nina, böyük qız isə İraidadır. Qızlar çay içir, yağlı və şirin çörəklərdən yeyirdilər. Məclis çox sakit keçirdi. Onlar bu sükutu pozmaq üçün sözü hansı yerdən başlayacaqlarını bilmirdilər. Biz də onların zövqünə uyğun bir söhbət aramaqda və fikirləşməkdə idik. Çox düşündükdən sonra Nina bu sükutu pozdu və üzünü nədənsə mənə doğru tutaraq söhbətə başladı: – Şərq evlərinin içərisi dışarıdan yüz faiz gözəldir, – dedi. Mən neçə dəfə qızların Şərq haqqındakı sözlərini eşitmişdim. Bunun üçün də qızın cavabını verməyə tələsdim: – Doğrudur, – dedim, – ümumiyyətlə, şərqlilərin zahiri bir çoxlarını qorxudur. Lakin onların daxili qayəl gözəl, zəngin və hiylədən uzaqdır. Zənn edirəm ki, siz Şərqdə, eşitdiyiniz mənfi cəhətlərdən başqa, bir çox müsbət işlərə də təsadüf edəcəksiniz. Kiçik qız nə dediyimi çox tez anladı. Səhvini düzəltmək istədi və dedi: – Bir çox avropalılar, hətta bizim özümüz də Yaxın Şərqi «Min bir gecə» nağıllarından öyrənmişik. Lakin bu doğru deyil. Bu məmləkəti dastanlardan öyrənmək və ya yeni bir ölkəni əski tarixi ilə müqayisə etmək səhvdir. – Təəssüf edirəm ki, Şərqi hər kəs belə tanıyır. Özünü Şərqin yaxın dostu adlandıran Pyer Loti belə, buranı lazımınca tanımadı. O bu sevdiyi ölkələri 1902-ci illərdə lazımınca gəzib qayıtdı. Yenə də rus şairinin sözlərini təkrar etməkdən başqa yeni bir söz deyə bilmədi. Kiçik qız rus şairi sözünü eşitdikdə tələsik soruşdu: – Əcəba, rus şairi Şərq haqqında nə demişdir? – Gözəl demişdir. Fəqət bu söz indi öz gözəlliyini itirmişdir. «Əlvan divana söykənmiş Tehran inci fəvvarələrin qarşısında oturub nargilə qəlyanların tüstüsü ilə mürgüləyir». Zatən bir çox şərqşünaslar İranı belə tanıyırlar. Onlar Şərqi nə qədər gəzirsə-gəzsin, yenə də Qərbə qayıtdıqda yaşıl qübbəli məscidlər incə və uzun minarələr, tağlar, örtülü bazarlar və açıq qəbiristandan başqa bir şeydən danışa bilmirlər. Lakin bugünkü Şərqi əski kitablardakı miniatürlərlə ölçən və səyyahların yazıları ilə öyrənmək istəyən adamlara gülmək lazımdır. Artıq soyuqdan çıxmış bədənlər qızışırdı. Uzun-uzadı söhbətlərə imkan var idi. Kiçik qızla bərabər salonu dolaşırdıq. Mən daima kiçik qıza «xanım» deyə xitab edirdim. Qız mənə nazikanə bir etirazda bulundu: – Mənə, sadəcə, Nina desəniz daha yaxşıdır. – Çox yaxşı! – deyərək gəzişməyə başladım. Nina pəncərədən üzərinə qaranlıq çökmüş Culfa yollarına baxaraq soruşdu: – Nə üçün hökumət bu yerlərdə mədəniyyət yaratmır? – Əvvələ, bu yerlər hökumətin deyildir. Bütün İranda xalisə torpaq çox azdır. Torpaqlar qoluzorbaların və hökumətin zəifliyindən istifadə edib pəncəsini hər tərəfə atan mülkədarların, kiçik dərəbəylərin əlindədir. İkincisi, belə bir quruluşda nə cür mədəniyyət yaratmaq olar? – Həmin bu Culfa kimindir? – Çar təbəələrindən gəncəli Məhəmmədovlarındır. Bütün avadanlıq onlarındır. İran hökumətinin burada yalnız bir tamojna binası, bir də məhəlli idarələr yerləşən kiçik binaları vardır. Buradan bir neçə kilometr uzaqda Şüca kəndi və daha uzaqda Gərgər və Ələmdar adlı iki kiçik şəhər də onların əlindədir. Bəs buna rəiyyətlər nə deyir? – Rəiyyət üçün heç fərqi yoxdur. Hər kəs olursa-olsun onlar soyulmağa hazırdır. Onlar üçün bəzən rus təbəəsi olmaq İran təbəəsi olmaqdan daha da əlverişlidir; çünki qoluzorba ağanın özü rəiyyəti nə qədər soyursa-soysun gündə bir bəhanə ilə gəlib kəndlini talan edən hökumət məmurlarının soyğunçuluğuna imkan verməz. – Əcəba, kəndlilər bu ağırlığın altında gözlərini açıb üsyana başlamırlarmı? – Mən eşitdiyimə görə Şüca kəndinin rəiyyətləri 8-ci ilin yanvarında böyük bir üsyan qaldırdılar. Üsyanı təşkil edən Haqverdi Məhəmmədovlar tərəfindən öldürüldükdən sonra üsyan yatırıldı. Hazırda torpaq da, günəş də, su da, hava da onların ixtiyarındadır. * * * Axşam yeməyi hazır idi. Qızlar əvvəlcə hansı yeməkdən başlamağı bilmirdilər. Bir-birinin üzünə baxıb dururdular. Şübhəsiz ki, onlar əlvan Şərq süfrəsini birinci dəfə görürdülər. Bunun üçün də xanın qadını onları yedirməklə məşğul olmuşdu. Yemək qurtardıqdan sonra pəncərənin qarşısında oturub Araz çayına baxırdıq. Gecə olduqca ayazdı. Rusiya sahilindəki elektrik lampaları ulduz kimi parlayırdı. Nina bu işıqlara baxaraq ixtiyarsız dedi: – Məncə, o işıqlar son işıqlardır, bu qaranlıq isə yeni ayaq basdığımız dünyanın əbədi qaranlığıdır. Nina öz içərisindəki nifrəti və Şərqə dair düşüncələrini bu sözlərində əks etdirirdi. Bir saat əvvəl demiş olduğu sözlərdən qəlbinin xəbəri belə yoxdu. Mən onun sözlərindən acıqlanmırdım. Onu xəfif təbəssümlərlə sakit etməyə çalışırdım. – İranı o qədər də qaranlıq bilməyiniz. Burada da işıqlı günlər görəcəksiniz. Şübhəsiz ki, İranı sevəcəksiniz. Gözəl təəssürat alacaqsınız. Sizi də sevəcəklər. Siz də sevəcəksiniz. Bura Şərqdir. Nə qədər ki, bura dastanlar, romanlar, min bir gecələr Şərqidir, nə qədər ki, əsrarəngiz Şərqdir, o qədər də yeni və üsyançı Şərqdir. Nina bu sözlərimə çox diqqətlə qulaq verirdi. Üzümə çox şübhəli baxaraq: – Siz iranlısınızmı? Bunu anlamış olsaydım sizinlə daha açıq danışardım, – dedi. – Açıq danışa bilərsiniz. Məcburiyyət yoxdur. Mən də müsafirəm. İkimizik. Kimsə yoxdur, – dedikdən sonra Nina sözünə davam etdi: – Əlbəttə, mən bütün İranı beş-on kişi ilə ölçə bilmərəm. Lakin bu gün gördüyüm kişilər hələlik «Min bir gecə»də oxuduğumuz kişilərdən o qədər də fərqli deyil. Bugünkü kişilərin hərəkəti mənə olduqca fəna bir təsir buraxdı. Bunların dili vardır, düşüncələri də vardır, gözləri də vardır, ancaq bütün bunlarla bərabər, nə qadını danışdırmağı, nə qadını anlamağı, nə də qadına bir insan kimi baxmağı bacarırlar. Bu kişilər, demək olar ki, tamamilə qadın düşgünüdürlər. Onlar bizə qarşı aldıqları vəziyyətlə, doğrudan da, ibtidai adamlardan daha geridə qalmış olduqlarını göstərirlər. Kişilər bizi gözləri ilə yemək istəyirdilər. Fürsət olsaydı, bəlkə, götürüb qaçardılar. Bu isə tam mənası ilə mədəniyyətsizlikdir. Nə üçün xan kimi ziyalılar bununla mübarizə aparmır? – Dedikləriniz doğrudur. İranlı kişilər qadınları çox sevirlər. Ümumiyyətlə, şərqlilərin bu barədə qanları istidir. Onlar xüsusən açıq və sarışın qadınları çox sevirlər. Bunun mühüm bir səbəbi vardır. Şərqdə qadın açıq deyildir. Kişilər öz qızı, öz qadınından başqa kimsəni görmür. Bunun üçün də onlar açıq, xüsusən avropalı qadına rast gələndə maraqlanmağa başlayırlar. Lakin onu da bilməlisiniz ki, onlar hər bir adi qadını görürkən hali-təbiisindən çıxmaz. Bu hallar ən gözəl qadınlara sevimli qızlara təsadüf etdikdə daha artıq zühura gələ bilər. Nina gülümsünərək: – Mən ki, gözəl və sevimli deyiləm! – dedi. Nina bunu söylədikdə qızarmış üzünü mənə çevirməklə məndən özü üçün nəsə verəcək bir cavab gözləyirdi. Kirpiklərini belə çalmadan mənə baxırdı. Şimallı qız Şərqdə özünün necə qəbul ediləcəyini, İrana ilk qədəm qoyduğu gündən öyrənməyə çalışırdı. Biz Nina ilə xeyli şirin-şirin danışdıq. Uzun söhbətdən sonra ikinci kərə tanış olduq. O öz tərcümeyi-halını qısaca olaraq söylədi. Hər iki bacı Təbrizdəki rus konsulu Millerin dəvəti üzrə Riqadan gəlib Təbrizə gedirlər. Nina musiqi müəlliməsi, bacısı İraida isə müəllimə idi. * * * Gecə saat on biri çalırdı. Hər iki qız xanın qadını ilə bərabər yataq otaqlarına getdi. Biz xanla bərabər oturub inqilabın gedişindən danışırdıq. Mən müsafirlərin rus konsulu Millerin dəvəti üzrə Təbrizə getmələrindən şübhələndiyimi xana söylədim. Xan da bunların rus casusu olduqları ehtimalını aralığa sürdü. Buna inanmaq da mümkün idi. Burada təəccüb ediləcək bir şey yox idi; çünki hələ inqilab başlamamışdan daha əvvəl çar hökuməti xəfiyyə dərsi keçmiş qadınları İran Azərbaycanının hər tərəfinə dağıtmışdı. İran xalqını öyrənmək və başçıların siməsını təyin etmək üçün çar Rusiyası qadınlardan lazımi qədər istifadə edirdi. Xüsusən əxlaqsız qadınlar çar jandarmlığının kəskin bir silahı hesab olunurdu. Azərbaycan şəhərləri, kiçik qəsəbələr belə əxlaqsız qadınların yuvası olmuşdu. Mehmanxanalarda yalnız bu kimi qadınları görmək olurdu. Hələ rus çar ordusu Şərqi İranı işğal etdikdən sonra bu iş daha da irəli getmişdi. Təbrizə və başqa yerlərə gedən əxlaqsız qadınları hərbi nəqliyyatla daşıyırdılar. Bu qadınları hökumət başında duranlar, tacirlər, mülkədarlardan başlamış mollalara, böyük müctəhidlərə qədər aparır, öz yanında saxlayırdı. Məsələn, rus konsulu Miller məşhur əxlaqsız Sonyanın vasitəsi ilə Mirzə Kərim ağa İmamcümə ilə əlaqə saxlayıb, onun hər bir hərəkətini öyrənirdi. Bu qadının İmamcüməyə məxsus Qızılca Meydan kəndində aylarla qalıb müctəhidi öyrənməsi və konsulxanaya xəbər verməsini çox adam bilirdi. Bu cür qadınların öz işini yaxşı görə bilməsi üçün rus jandarmının pulu ilə müxtəlif yerlərdə mehmanxanalar açılırdı. Jandarmlar, xəfiyyələr aça bilməyən işləri bu cür qadınlar vasitəsi ilə açmağa çalışırdılar. Biz hələ o qədər danışmamışdıq, Nina ikinci dəfə gülərək salona girdi: – Biz, – dedi, – çox yedik, çox içdik, çox danışdıq. Fəqət bu uzun və şirin söhbətlərin içərisində ən mühüm bir məsələ unuduldu. Biz sabah getməliyik, ya yox? Mən danışmadan xan bir ev sahibi kimi cavab verdi: – Qalmağa meyiliniz olursa, öz evinizdir. Getmək istəsəniz hazırlıq görüb yola salarıq. – Çox razıyıq. Bundan artıq zəhmət verməyə cəsarətimiz yoxdur. Bu gecə sizin qonaqcıl və məhəbbətli bir zat olduğunuz bizdə unudulmaz bir xatirə buraxdı. Biz bundan sonra İranı yalnız sizin kimi mərhəmətli və ziyalı adamların şəxsində xatırlayacayıq. Əgər mümkün olursa, sabah tezdən getmək daha yaxşıdır. Nina sözünü bitirdikdən sonra mənə yanaşaraq: – Əlbəttə, gedəcəyik. Lakin sizinlə birlikdə! – deyərək təkrar əlimi sıxdı. Qapıdan çıxarkən bir daha üzünü çevirib mənə baxdı, gülümsəyərək getdi. Doğrusu mən bu qızlarla Təbrizə getməkdən boyun qaçırmaq istəyirdim. Lakin bu mümkün olan iş deyildi; çünki onlar hər yollardan qorxurdular, həm də mənə qarşı şübhələr artacaq idi. İndi mən düşünürdüm. O nə üçün əvvəlcə getməkdən söhbət açmadı? Nə üçün yenidən qayıdıb gəldi; o nə üçün dönüb baxdı? Gülümsəməsi nə üçün idi? Bəs əlimi nə üçün təkrar sıxdı? Xan üzünü mənə çevirərək: – İş işdən keçibdir, – dedi, – bəlkə də, şübhəli adamlar deyildirlər, çünki çox gəncdirlər, inana bilmirəm. Hər halda diqqətli olmalısınız. * * * Təbrizə doğru Faytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər. Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar. Faytonçumuz yekanlı olduğundan, bizi Yekan quldurlarının hücumundan müdafiə edə bilərdi. Bu məni bir qədər sevindirmişdi. Odur ki, yekanlı seyidlərin faytonu ilə başqa faytonların qiymətində çox fərq var idi. Hamı yekanlı faytonu ilə getməyə çalışırdı. Biz Culfadan bir az ayrıldıqdan sonra faytonçunun özü də bunu təkrar etdi. Qızlar da çox sevindilər. Doğrudan da, faytonlar 40 tümənə getdiyi halda mən faytona əlli tümən pəşin vermişdim. Çünki Təbriz bahalıq olduğundan Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi. Qarşımızdan keçən dəvə karvanlarını müsəlləh qüvvələr yola salırdı. Bütün bu kimi təşəbbüslər yolların qorxulu olduğunu göstərirdi. Hava hələ işıqlanmamışdı. Dərədiz daşları sanki bir qaplan kimi ağzını açıb şimaldan cənuba axan bu karvanları udmaq istəyirdi. Burada həm fayton atlarının, həm də dəvələrin boynundakı zənglərin səsi eşidilmirdi. Yol vuranlar karvan səsini eşitməsin deyə vaxt ikən atların, dəvələrin zəngini çıxarmışdılar. Yol uzundur. Danışmağa əsaslı və uzun söhbətlər lazımdır. Qızlar nə ilə maraqlanır? Tarixləmi? Qəzet xəbərləriləmi? Siyasətləmi? Eşqləmi? Burası məlum deyil. Öz-özümə «tarix zərərsiz bir söhbətdir» deyə söhbəti İran tarixinə keçirdim. İraida bu söhbəti diqqətlə dinləyir, Nina isə mürgüləyir, uzun kirpiklərini bir-biri üzərinə töküb otururdu. O, yalnız fayton daşlara toxunduğu zaman ayılırdı. Düz yerlərdə isə yenə mürgüləməkdə davam edirdi. Nina mürgüləməklə sanki söhbətimizə etiraz edirdi. Söhbəti gündəlik hadisələrə keçirməyə məcbur oldum. Hava işıqlanmışdı. Qəzetlərdən oxumağa başladım. Nina yenə də mürgüləyirdi. Nəhayət, İraida kiçik qızın bu vəziyyətindən pozulduğumu hiss edərək: – Bizim bu Nina çox qəribə bir qızdır, – dedi. – Bu heç bir şeylə maraqlanmır. Nə tarix, nə siyasət, nə qəzet, nə incə ədəbiyyat onun qulağına girmir. Buna yalnız romanlar ver; o da nə cür roman? Qəhrəmanlardan, çalıb-çapmaqdan, gizli təşkilatdan, vurub-yıxanlardan danışan romanlar. Nina yuxudan ayıldı. Gözlərini açdı. Əllərini bir-birinə sürtərək dedi: – Qəhrəmanlar hər kəs olursa-olsun, gizli təşkilat nədən ibarət olursa-olsun, az qüvvəti böyük qüvvətə qarşı qoyanlar nə məqsəd daşıyırsa-daşısın, mən bunları sevirəm və onların hərəkətindən maraqlanıram, hətta bəzən romanlarda oxuduğum məharətli casusları da sevirəm. Onlarda sənət və məharət vardır. Mən ölümlər önündən mərdanə və qorxmadan keçənləri də sevirəm. Saydıqlarım cəmiyyətin içərisində nadir və az tapılan simalardır. Bunları yalnız mən deyil, hər kəs və hər qız sevə bilər. Nina bu sözlərdən sonra əlini balaca çantasına atıb bir neçə kitab çıxardı. – Bax, əsər belə olmalıdır. Baxınız, mən bu cür ədəbiyyatı sevirəm. «Şerlok Xolms», «Yol kəsənlər kralı», «Üç tüfəngçi». Bunları hər bir gənc qız oxuyar və onun qəhrəmanlarına hörmət bəslər. Əsərdəki canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir. Bu kimi əsərlər qəhrəman yetişdirir. Nə sənət sahibi olursan ol, bunlar sənə təcrübə verər! Nina bu sözləri danışanda dişlərini bir-biri üzərinə basıb iki yumruğunu düydü və bütün vücuduna hərəkət verdi. Bu sözlərdən sonra onun dili qarnında bir qız olduğuna dair şübhəm daha da artmağa başladı. Nina şadlığından titrəyir, İraida ona gülür, mən isə bu müsafirətin nə kimi bir nəticə verəcəyi haqqında dərin-dərin düşünürdüm. Nə qədər böyük səhv etdiyimi xatırlayıb öz-özümə nifrət edirdim. Öz rəğbətimlə casuslar arasına girdiyimə acı-acı gülürdüm. «Nə edəcəksən? İş işdən keçmişdir. Yola çıxmışıq». Mənim başıma özgə fikirlər də girmişdi. Düşünərək öz-özümə deyirdim: – Doğrudan da, bu cür düşüncədə olan bir qız inqilabi təşkilatın əlində olursa nələr edə bilməz? Nə məharətlər göstərə bilməz? Gün çıxdı. Dərədizdəki çayçı dükanının qarşısında durduq. Faytonun səsinə çayçı dükanından bir çox silahlı adam dışarı çıxdı. Bunlar Şüca kəndinin inqilabçıları, gəncəli Məhəmmədovlara qarşı üsyan edən kəndlilər idi. Başçıları Ələkbər idi. Mən Ələkbəri görən kimi yaxın gəlməməsi və tanışlıq verməməsi üçün işarə etdim. O anladı. Yaxına gəlmədi. Faytondan düşdük. Qızlar çay içmək üçün dükana girməkdən qorxdular. Bayırda xalça açdılar, səhər yeməyini dışarıda yedik. Ələkbərlə tanış olduq. Sanki bunları heç tanımırdım. «Bunlar yolların qarauludur», deyə qızları sakit etdim. Ələkbərdən lazımi sözləri soruşdum və lazımi sifarişləri də aldım. İraida mənim özümdən də şübhə etməyə başlamışdı. Onlar gördükləri müsəlləh qüvvələr haqqında məlumat toplamaq üçün süni adımı tez-tez təkrar edirdilər. Nina mənə çox maraqla baxır, mənim bu müsəlləh qüvvə ilə tanış olduğuma sanki böyük əhəmiyyət verirdi. * * * Səhər yeməyi bitdi. Yola düşdük. Ələkbər atlanıb bir neçə yoldaşı ilə bizi dar keçidlərdən yola salmağa gəldi. Qızlar onların nə üçün gəldiyini soruşdular. Bununla Nina daha artıq maraqlanırdı. – Bu atlılar bizi nə üçün yola salır? – dedi. – Bunların vəzifəsidir. Müsafirləri qorxulu yerlərdə müşayiət üçün hökumət bunlara maaş verir, – dedikdə qızlar çox təəccüblə bir-birinə baxdı, Nina isə: – Hökumət əcəb qeydəqalıcı hökumət imiş. Elə isə bu yollardan getmək çox da qorxulu deyil, – dedi. – Elədir. Fəqət bəzən bədbəxt hadisələr də baş verə bilər. Faytonçumuz Novruz Səttar xana qoşulan sözlərdən oxuyurdu. Qızlar bu sözlərə yox, Şərq mahnısına əhəmiyyət verirdilər. Novruz isə özünəməxsum bir ahənglə mahnısını oxumaqda idi: Səttar xanım, İsmayıl xan oğluyam, Böyük inqilabın cavan oğluyam! Sarıldım silaha, canımdan keçdim, İnqilab camının şərbətin içdim. Yeddi-səkkiz iyid yoldaş da tapdım, Kəhər atı minib səngərə çapdım, Ordular dağıdıb fevclər yıxdım, Təbrizi o başdan bu başa çıxdım. Əmrəxiz, Xəyaban, Leylava, Surxab, Şəşgilan, Maralan, Dəvəçi, Əhrab, İsmayıl xan oğlu Səttar xan deyir, Zərbimi, şəstimi tərif eləyir! Faytonçu Səttar xanın nailiyyətlərindən oxuduqca mən qızlara tərcümə edirdim. Nina bununla çox maraqlanırdı. Nəhayət, məndən soruşdu: – Doğrudanmı Səttar xan hökumətə qarşı fəaliyyət göstərən təşkilatı səkkiz-doqquz adamla düzəltmişdir? Nina bunu söylədikdə onun gözünün bəbəklərində gəncliyin incə xüsusiyyətləri oynayırdı. Mən Səttar xandan ona daha bir neçə söz söyləyib dedim: – O, çox cəsarətlə aralığa atıldı. Az qüvvətlə meydana çıxdı; fəqət sonra bir çoxları onun ətrafına toplandı. Hökumətdən bütün narazı qalan ünsürlər də ona qoşulub hökumətə qarşı mübarizəyə başladı. – Mən Səttar xan kimi adamları kitablardan aramaqdayam. İndi isə onu mənə həyatda göstərə biləcək bu şəhərə gedirəm. Söhbətimiz uzun çəkmişdi. Mərənd şəhəri ilə Culfa məbri arasında vaqe olan – Circir kəndinə yetişmişdik. Burada çayçı dükanı vardı. Faytonçular atlarına yem verirdilər. Mən Hafiz əfəndini görəcək idim. Gözləmək lazım idi. Yemək şeyləri yox idi. Yalnız pendir və qatıq vardı. Qızlar da, mən də heç bir şey yemək istəmədik. Yalnız çay içdik. Dükanda mərsiyə oxuyub ağlayırdılar. Ağlayanların bir çoxu mollalar idi. Qızlar bu kütləvi ağlayışdan heyrətə düşdülər. Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim. Circir Zunuz şəhərinin qoludur. Bu balaca şəhər mərsiyəxanla doludur. Məhərrəmlik ayında bunlar Qafqazın hər tərəfinə dağılıb xalqı ağladır, pul toplayırlar. Burada hamballar, hətta çobanlar belə mərsiyə oxuyurlar. Əlbəttə, qızların buna heyrət etməməsi mümkün deyil idi. Bir azdan sonra Hafiz əfəndini gördüm. O, mənə inqilabçılardan şikayət edirdi: – Mən bir inqilabçıyam, – deyirdi. – Fəqət insan qanının tökülməsinə razı deyiləm. Bu iş kütlələri inqilab əleyhinə qaldıra bilər. Xüsusən Rəhim xan oğlu Böyük xanın Culfa–Təbriz yolunu kəsib inqilabı boğmaq istədiyi xəbəri əks-inqilab qüvvələrini daha da canlandırır. Mən Hafiz əfəndinin bu sözlərindən onun dinçi olduğunu anladım və bir neçə söz deməyi lazım bildim: – İnqilabı müdafiə üçün hər nə tələb olunursa, icra edilməlidir, – dedim. Daha artıq söz söyləməyə imkan yox idi. Quranı hifz etmiş, buna görə də Hafiz əfəndi ləqəbini almış bir adamdan, bundan artıq heç bir şey tələb etmək olmazdı. Onunla vidalaşıb keçdik. Gün batırdı. Mərənd şəhərinə yaxınlaşırdıq. Qarşımızda bir dəstə atlı göründü. Qızlar qorxdular. İnqilabçılar idi. Dəstənin başında duran Aydın paşa adında bir nəfər karslı idi. Aydın paşa qardaşı İbrahimbəy Cahangirovla bərabər İran inqilabında ciddi iştirak edirdilər. Aydın paşadan Heydər Əmioğlunu (Heydər xan) soruşdum. Onun Xoyda olduğunu və Maku qüvvəsi qarşısına qüvvə hazırladığını söylədi. Aydın paşa məni kənara çəkdi. O, Səttar xanın sosial-demokrat rəhbərliyindən razı qalmaması və özbaşına işləməsini, bununla da başıpozuqluq törənməsini xəbər verdi. Mən buna inanmadım, çünki bunların qatı millətçi və dinçi olduqlarını bilirdim. Aydın paşa türklərin də bu inqilaba məhəbbət bəslədiyini və lazım olursa canlı qüvvə ilə kömək edəcəklərini xəbər verib şadlandı. Səlmaslı Səidin Van şəhərinə getdiyini və bu dostluğun yaxşı nəticə verəcəyini deyərək ayrıldı. Yolumuza davam etdik. Nina yenə də soruşdu: – Siz hamını tanıyırsınız. Sizi də hər kəs tanıyır. Təəssüf olsun ki, buraya qədər yoldaşlıq etdik, lakin sizin kim olduğunuzu bilmədik. Bu isə bizim üçün təəssüf ediləcək bir haldır. Bizə bu qədər əhəmiyyət verən, bizi çətinlikdən qurtaran bir adamı tanımamaq bizim üçün, doğrudan da, bir nöqsandır. Mən bu sözləri cavabsız buraxa bilməzdim, çünki məni öyrənmək istəyən qızın haqqımdakı şübhələri daha artmış olurdu. Cavabını verdim: – Çox az sərmayə ilə ticarət edirdim. Çox yaxşı qazanırdım. Son zamanlarda işim tamamilə düzəlmişdi. Lakin Təbriz–Culfa yolları şuluq olduğundan ticarət karvanlarını tez-tez talayırlar. Bütün var-yoxumu apardılar. Siz gördünüz ki, karvanlar ancaq müsəlləh qüvvə ilə hərəkət edə bilir. Bu isə hər bir xırda tacirə mümkün deyildir. Nə isə, indi əlimdə bir şey qalmamışdır. Gedən mallarımın haqqında çalışmaq üçün Təbrizə gedirəm. Qızların hər ikisi düşündü. Təəssüf etdilər. Nina çox mütəəssir bir halda: – Bəlkə də, rus general-konsulu sizə yardım göstərə bilər, – dedi. – Mümkün olduqca mən çalışaram. Bəlkə, sizi konsulun yanına da apara bilərəm. – Çox təşəkkür edirəm. – Bu atlılar kimdir? – Bunlar mülkədarlar və xanların atlılarıdır. Bunlar mülkədarların əmri ilə silah altına yığılan kəndlilərdir. Hər kəsin atı özünündür. Silahlar isə ağanındır. Atların və atlıların gündəlik məsarifinə gəldikdə, olduqları və getdikləri yerlərdə rəiyyətlərin öhdəsindədir. – Mülkədar və xanlar bunları nə üçün saxlamışlar? – Bunlar ağaların kənd üzərindəki hüququnu müdafiə edir. Məcburi vergiləri və fövqəladə qanunları həyata keçirir, kəndli üsyanlarını boğur, eyni zamanda qonşu mülkədarla ixtilaf çıxdığı zamanda müsəlləh vuruşmaya da çıxırlar. – Bəs hökumət buna nə deyir? – Hökumət bunların özüdür, çünki torpaq da, rəiyyət də bunların ixtiyarındadır. – Hazırkı inqilab bunun üstündəmi gedir? – İnqilabın səbəbləri ilə çox tanış deyiləm. Ehtimal ki, başlıca səbəblərdən birisi də budur. – Elə isə inqilab hərəkatı çox güclü və mütəşəkkil bir surətdə getməlidir, çünki kütlə çox böyükdür. Böyük qız Ninanın sözünü kəsib qəti bir baxışla sözə başladı: – Hərgah vuruşmalar torpaq üstündə isə çox uzun çəkəcəkdir. Bu ixtilaf Avropada çox uzun bir zaman hökm sürmüşdür. Lakin bu yerin şəraitini bilmədiyim üçün bu xüsusda yenə də qəti bir söz deyə bilmərəm. – Torpaq məsələsi burada bambaşqadır. Torpaq üstündə başlanan bu hərəkatın boğulmasına yalnız mülkədar, hökumət deyil, eyni zamanda ruhanilər də kömək edirlər. – Bu nə üçündür? Ruhaninin torpaqla nə kimi əlaqəsi vardır? – İranda ruhaninin özü də mülkədardır. Bunun üçün də mülkədar və müctəhidlər hər bir torpaq hərəkatının boğulması işində birinci rolu oynayırlar. Belə bir şərait ortalıqda ikən torpaq üstündə heç bir inqilab ola bilməz, çünki kəndlilər də avamdır. Kəndlilərin bir çoxu yalnız torpaqla deyil, din və əqidə cəhətincə də mülkədar müctəhidlərə bağlanmışlar. Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz, çünki belə bir halda onlar təqlid etdikləri müctəhidin əleyhinə qalxmış olacaqdır. İranda başqa bir hal vardır ki, o da bütün torpaqların hakimi olan padşahın kənd alması və özünü bir mülkədar şəklinə salmasıdır. Bu vəziyyətin özü də torpaq məsələsinin həll olunması işində əngəl törədir. Heç bir kəs bu məsələni aralığa atmağa cürət etmir, çünki hərəkatın heç bir yerdən kömək ala bilməyəcəyini anlayır. Məsələn, bugünkü Məhəmmədəli şahı götürmüş olursaq, yalnız Azərbaycanda əlliyə qədər kənd almışdır. O, bir tərəfdən padşah, o biri tərəfdən də böyük mülkədardır. Bunun üçün də İranda başlanacaq üsyanlara və torpaq üstündə çıxacaq hər bir hərəkata qarşı güclü bir qüvvə qoyulur: padşah, ruhani və mülkədar. Bu səbəbdən də İrandakı torpaq məsələsini Avropada başlanmış torpaq ixtilafı ilə müqayisə etmək çətindir. Nina əllərini bir-birinə vurub: – İran xalqı nə qədər avam və məzlum xalq imiş? – dedi. – Sonra yenə də mənə müraciətlə sözünə davam etdi: – Əbəs yerə siz deyirsiniz ki, mən inqilabın səbəblərini bilmirəm. Siz İranı çox yaxşı tanıyırmışsınız. Sizin məlumatınız heç də tacir biliyinə bənzəmir. Məncə, tacir heç vaxt bu kimi incə nöqtələrlə maraqlanmaz. Tacir ancaq iki şey bilər: o da zərər, bir də mənfəət. Siz isə siyasi məsələlərdən danışırsınız. – Mən kim və nəçi olduğumu isbat etmək üçün sizi rahatsız etməyəcəyəm. Mən İran tacirləri ilə çox görüşmüşəm; onların çoxu da məşrutəçi sosial-demokratlardır. Bunu başqaları da mənə söyləmişdir. Mən eşitdim ki, hətta inqilabın rəhbərliyi də proletar əlində deyildir. Mən bu cür alış-verişçi inqilabçıların sosial-demokratlığı öz mənafelərinə uyğun bir şəklə salmaq istədiklərini də eşitmişəm. Əlbəttə, bu kimiləri torpaq inqilabı baş verdiyi vaxt İran kəndlisini də atar və sata da bilər. – Əcəba, həqiqi inqilabçılar nə işlə məşğuldur? Deyə bilmərəm. Onların içərisində olmamışam. Mən ancaq bunu deməliyəm ki, bu inqilaba yalnız sosial-demokratlar deyil, onlarla heç bir əlaqəsi olmayan ünsürlər də qoşulmuşdur. – Nə üçün? Əcəba, bunları həqiqi sosial-demokratlar nə üçün öz sıralarına buraxır? – İnqilabçıların, məncə, bu cür işləri araşdırmağa vaxtı ola bilməz. İnqilabçı sosial-demokratlarla əlaqəsi olmayan xırda burjuaziya belə, bu inqilaba qoşulmuş və hərəkatın güclənməsinə yardım etmişdir. Hətta şahdan, yerli hökumətdən, əks-inqilab sırasında gedən nüfuzlu adamlardan da narazı qalanlar Səttar xan hərəkatına yardım etmişdir. – Ola bilməz! – Hər yerdə olduğu kimi, burada da olurmuş. Məsələn, mən belə bir şey eşitdim. İndi icazə varsa, eşitdiklərimdən birini deyim. İndiki padşah bir az əvvəl Təbrizdə vəliəhd olduğu vaxt Mir Manaf adlı məşhur bir sərrafın kiçik oğlunu apartdırıb namusuna toxunmuşdu. Mir Manaf böyük tayfalı bir adamdır. Tayfası da xırda bankirlərdən ibarətdir. Bunlar Məhəmmədəlidən intiqam almaq üçün əlverişli bir vaxtı gözləyirdilər. Nəhayət, o vaxt yetişdi. Kütlələr Məhəmmədəliyə qarşı üsyan qaldırdılar. Mir Manaf da öz tayfası ilə bərabər bu hərəkata qoşuldu. Doğrusu, mən bu məsələ ilə çox maraqlanıram. Təbrizə getsəm, bunu lazımi qədər öyrənməyə çalışacağam. Amma, deyilənlərə görə, hazırda inqilab genişləndiyi və ümumi mənafeyi yerindən sarsıtdığı üçün Mir Manafla bərabər bir çox xırda burjuaziya və ruhanilər də əks-inqilab qərargahına keçmişlər. Burasını da Təbrizdə öyrənməliyik. Hər halda mən indi bilirəm ki, bu inqilab çox maraqlı bir şeydir. Söhbət çox dərin getmişdi. Mən hiss edirdim ki, qızların düşüncəsi bu sözləri əhatə edə bilmir və mənimsəməkdə aciz qalır, çünki Nina çox dərin düşüncəyə dalmışdı. Mərənd şəhəri görünürdü. Hər birimiz şəhərin ətrafını, bağları və şəhərdənkənar xırda məhəllələri gözdən keçirirdik. Söhbətin arası kəsilmişdi. Küçələrə girdikdə böyük-kiçik faytonumuzun ətrafına toplaşmışdı. Yorğun atlar çox yavaş gedirdi. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər. Çox qəribə səslər eşidirdik. – Məhəmmədağa, matuşkalara bax! – Ağabala, qoyma gəldi. – Böyükağa, maldı ha! – Ağabala, oyandakına bax! – Məhəmmədağa, əsl mən deyəndir... Bu cür səslərdən çox eşidirdik. Eşidilən səslər göstərirdi ki, Mərənd şəhərində Ağabala, Məhəmmədağa, Böyükağa adını daşımaq çox böyük adətdir. Bizi Şüca Nizamın mehmanxanasına qədər yola saldılar. Şeylərimizi götürüb pillədən yuxarı çıxıncaya qədər «matuşkaya bax» səsini eşidirdik. Mehmanxana çox təmiz deyildi. Lakin yenə də rahat olmaq üçün əlverişli idi. İki otaq götürdük. Şam etmək və çay içmək üçün qızlar da mənim otağımda idilər. Samovar qaynaya-qaynaya gətirildi. Çaya lazım olacaq şeylərin hər birini bir adam gətirirdi. Şeyləri gətirənlərin hər birisi müəyyən bir söz soruşmamış geri qayıtmırdı. Örtülü istintaq bitəndən sonra biz çay içməyə başladıq. Fəqət yenə də qapını açıb örtənlər vardı. Bunlardan hamısı Şüca Nizamın (Mərənd general-qubernatoru) xəfiyyələri idi. Təbrizə nə kimi adamlar getdiyini öyrənməyə çalışırdılar. Çaydan və yeməkdən sonra vəsiqələri də yoxlamağa gəldilər. Qabaqca qızlar öz vəsiqələrini verdilər. Vəsiqə yığanlar oxuya bilmirdi. Oxumaq üçün mənə təklif etdilər. Oxudum, rus konsulxanasına getdiklərini söylədim. Ehtiram etdilər. Başlarını əyib «əfv edin» deyə bayıra çıxdılar. Mənim vəsiqəmi soruşmadıqları kimi, daha qapını da tez-tez açıb baxmaqdan vaz keçdilər. Səhər tezdən qalxıb yola düşmək lazım idi. Axşam yeməyini saat 10-da bitirib yatmağa hazırlaşdıq. Qızların otağı möhkəmdi. Mənim otağımla yan-yana idi. Qorxmurdular. Qapını içəridən bağlayıb yatdılar. Otaqların kirayəsini və yemək xərcini axşamdan verib otağımıza qapandıq. * * * İnqilab məntəqəsində Mərənd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büsbütün başqa idi. Bu yol Mərənd, Xoy, Səlmas, Urmi və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə araba karvanları ilə doludur. Faytonumuz o tərəf-bu tərəfə burulmaqla bu sıx karvanları yarıb keçməyə məcbur olur. Karvan xalqından bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə artıq inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərənd şəhərindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik: Təbrizdə var inqilab, Məmdəli, dinmə, get yat. Get özünə kömək tap, Yorğanı sazla, ört yat. Al kömək ingilisdən, Məmdəli, dinmə, get yat. İstə kazak, urusdan Məmdəli, dinmə, get yat. Get Lyaxova yalvar, Məmdəli, dinmə, get yat. Təbrizdə Səttar xan var, Məmdəli, dinmə, get yat. Məmdəli, dinmə, get yat, Konsul göndərər soldat. Təbrizi Tehrana sat, Məmdəli, dinmə, get yat. Bu kimi mahnıları qadınların da bəziləri oxuyurdu. Artıq bu yerlərdə inqilabçıların qarovul postları da nəzərə çarpırdı. Bu postların nə üçün qoyulduğu bəlli deyildi. Bunun inqilabı müdafiə üçün heç bir əhəmiyyəti ola bilməzdi, çünki bunlar nə vəsiqə yoxlayır, nə də Təbrizə gedənlərin kimlər olması ilə maraqlanırdı. Ara-sıra səyyar qarovul dəstələrinə də təsadüf edirdik. Lakin bunlar da bir şey soruşmadan keçib gedirdi. Mən bütün bunları nəzərdən keçirirkən düşünürdüm: İranda parlayan inqilab qığılcımı Rusiyada baş vermiş olan beşinci il inqilabının təsirini hiss edir. Bilmirəm, bu qığılcımı böyüdüb bir yanğın şəklinə salmaq mümkün olacaqdırmı? Mən bu fikirdə ikən Sofyan kəndinə yetişdiyimizi gördüm. Qızlara burada nahar etməyi təklif etdim. Onlar da acmışdı. Çayçı dükanının qabağında dayandıq. Yemək istədik. Yağ, pendir vardı. Dükançı tirlərdən asılmış üzümlərdən endirdi, yuyub yanımıza qoydu. Faytonçumuz Novruz bizi tələsdirirdi. Yemək-içməyi tez bitirdik. Özümüz də Təbrizə tez yetişməyə tələsirdik. Təbriz şəhəri artıq qalın dumanların altından görünməyə başlamışdı. Şəhərin arasında vaqe cəsamətli və heybətli olan ərk binası, uzaqdan bir kibrit qabı kimi görünürdü. İndi də həmişəlik İran inqilabına təkan verən Təbriz, dumanların kölgələri altında gizlənib sanki mühüm bir hadisənin xəbərini verməyə hazırlanırdı. Nina Təbrizi uzaqdan görür, onu gah Peterburq, gah Moskva, gah da Riqanın böyüklüyü ilə müqayisə edirdi. Mənə deyirdi ki: – Bilmirəm bu böyük şəhərdə bir-birimizlə görüşmək mümkün olacaqdırmı? – Mən Təbrizdə qalmalı olsam, bəlkə də, görüşmək mümkün olar. – Əcəba, siz məni unuda biləcəksinizmi? Ninanın bizi deyil, məni deməyi mənə qəribə göründü, çünki biz ikigünlük səfərimizdə işi bu qədər dar və müəyyən bir çərçivə içərisinə salmamışdıq. Mənə ki bir şey məlum deyildi. Qız «məni unudacaqsınızmı?» deyə sual vermişdi, cavab verməyə bilməzdim. – Mənim sizi unudub-unutmamağım hadisələrlə dolu olan mühitimizin verəcəyi imkanlardan asılıdır. – Siz ki, hazırkı hadisələrlə əlaqədar deyilsiniz. – Doğrudur, əlaqədar deyiləm. Ancaq ümumi bir hadisənin ağırlığını ümum xalqın çəkməli olduğunu da unutmaq olmaz. – Doğrudur, inqilabçı bir məmləkətdə bitərəf qalmaq da çətindir. Nina bu sözünü bitirərkən çox diqqətlə gözlərimin içinə baxıb təkrar etdi: – Belə deyildirmi? Özünüz söyləyiniz! Mənim əvvəlki şübhələrim yenə də coşmağa başladı. Ninanın məni öyrənmək həvəsi get-gedə artırdı. O, gözlərini mənim gözlərimdən heç də götürmürdü. Tez-tez əlimi tutub deyirdi: – Özünüz söyləyiniz! Belə deyildirmi? – Lakin mən Təbrizə yeni gedirəm. Gələcəkdən xəbər verə bilmərəm. Ninanın göz bəbəkləri oynadı. Onun gənc ürəyi cazibəli gözünün halqasından mənə baxmağa, məni daha başqa fikirlərə yol verməyə məcbur etdi. Cəsarətli bir səslə: – Mən sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvənin tərəfində, – dedi. – Az bir qüvvə ilə çoxlara qarşı mübarizə aparanların tərəfində! Səttar xanım tərəfində! – Bəs nə üçün Səttar xanın tərəfində? – deyə soruşdum. – Çünki qəhrəmanlar yalnız az qüvvənin içərisindən çıxır, qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin içərisindən çıxar. Ninanın bu sözündən sonra daha danışmaq istəmədim, çünki məsələmiz nazik və çıxılmaz bir mərkəzə varmışdı. Mən yenə də onların musiqi müəllimləri deyil, konsulun sifariş verdiyi xüsusi casuslar olduğuna inanmağa başladım. Bundan sonra olan söhbətlərimiz tamamilə adi və mənasız məsələlərdən ibarət oldu. Ninanın özü də mənim dərin düşündüyümü gördüyündən söhbətin istiqamətini dəyişmişdi. O, nə olursa-olsun məni danışdırmaq istəyirdi: – Səfərimiz iki gün oldu. Bu axşam üçüncü günə keçəcəkdir. Fəqət biz sizin ailəli olub-olmamağınıza dair heç bir şey öyrənə bilmədik. Doğrudan da, evlisiniz? Söhbətimiz bir-birinə yeni rast gəlmiş qadın və kişi söhbəti rəngini almışdı. Mən doğrusunu söylədim: – Evli deyiləm. – Nə üçün? İndiyə qədər bir kimsəni sevmədinizmi? Heç ola bilməz! Ninanın sözlərində, üzündə və bütün hərəkətində özünü istətmək istəyən bir qızın arzusu duyulurdu. Cavab almamış, suallar yağdırmaqda davam edirdi: – Doğrusunu deyin, kimsəni sevmədinizmi? Bəzi kişilər vardır ki, vaxtında evlənməzlər. Onlar elə bir yaşda evlənirlər ki, nə onlar qadına, nə də qadın onlara lazım olur. Məncə, kişilər bununla özlərini ailə ağırlığından azad yaşatmağa çalışırlar. Lakin bir az keçəndən sonra kişilər buna əməl edə bilmirlər. İndi siz səmimi bir surətdə söyləyiniz görüm, siz bu müddətdə heç bir qızı sevmədinizmi? Hərgah sevmişsinizsə, nə üçün onlardan birisini yoldaşlığa almamışsınız? – Sevmişəm, – dedim. – Yenə də sevə bilərəm. Lakin məni sevən olmamışdır. Buna görə də evlənə bilməmişəm. – Bu səmimi olmadı. Mən buna heç də inana bilmərəm. Sizi hər bir ağıllı qız sevə bilər. Çox gözəl bir gəncsiniz. Həm də siz qadın yanında özünüzü bir qərbli kimi apara bilirsiniz. Sizin hər bir xasiyyətiniz gözəldir. – Yanılırsınız. Məncə, ən gözəl bir adamda böyük nöqsan da ola bilər. – Əcəba, o böyük nöqsan məndədəmi ola bilər? – Hərgah siz özünüzü birinci gözəl hesab etmiş olsanız, bunun özü də bir nöqsandır. Dünyada, bəlkə, sizdən daha gözəl qızlar da vardır. – Mən artıq sizinlə danışmayacağam. Siz məni təhqir etməyə hazırlaşırsınız. Nina sanki gözəl və şıltaqçı qızların rolunu ifa edən bir aktrisa idi. Mən, doğrudan da, qarşımda ən gözəl, ən də acı təbiətli, şıltaq və öz gözəlliyinə inandığı üçün kişiləri əzmək, incitmək istəyən bir qızı görürdüm. Fəqət Nina ən sadə, ən həlim, ən gözəl bir qız idi. Biz Acı körpüsünə qədər yalnız İraida ilə danışırdıq. O məndən Təbrizi soruşur və orada necə yaşayacaqları haqqında təsəvvürlərini söyləyirdi. O məndən çox razılıq edirdi. Əlimi tutub tez-tez görüşəcəyimizə söz verməmi tələb edirdi. Ninaya gəldikdə onun gözündə qısqanclıq görünməyə başlayırdı. Gözləri İraidanın əllərinə dikilmişdi. İraidanın əlləri mənim əlimi sıxır və razılıq göstərirdi. Ninanın dodaqları titrəyirdi. Gözlərinin altında kiçik damarlar döyünürdü. Lakin bu uzun çəkmədi. O mənim əlimi bacısının əlindən sürətlə dartıb aldı. Gözləri yaşardı, mən də, İraida da gülürdük. Nina da hər iki rolunu oynayıb bitirmişdi. O, rəngi qızarmış bir halda dedi: – Kişilərdə bir çox hərəkətlər yersiz olduğu kimi, bu gülüşlər də yersizdir. Əlbəttə, mən onun gözlərinin yaşarmasına deyil, ümumiyyətlə, ani və dəli kimi sevgilərinə gülürdüm. Xüsusən Ninanın bu rolları çox məharətlə ifa etməsi də məni güldürürdü. Daha doğrusu, şadlanır və qızın nəhayət dərəcədə qabiliyyətli bir qız olduğuna sevinirdim. Lakin onun kişiləri təhqir etməsini və onların yersiz gülmələrini tənqid etməsini də cavabsız buraxmadım. – Nina xanım! – Mən xanım deyiləm, – dedi. – Sadə Ninayam! Bunu sizə bir kərə demişəm. – Çox yaxşı, Nina, gözəl Nina. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar həddindən artıqdır. – İndi deyin görüm siz hansı qızı sevə bilərsiz: yarım saat bundan əvvəlki qısqanc, şıltaq və tez sevən qızımı, yoxsa hazırda danışan sadə, səmimi bir yoldaş kimi hərəkət edən qızımı? – Bunların hər ikisi sevimlidir. Fəqət əvvəlinci ilə vaxt keçirmək, əylənmək, ikincisi ilə yaşamaq və yoldaşlıq etmək yaxşıdır. Lakin bunu da müəyyən bir şəraitdə başa gətirmək mümkündür. – O şərait nədən ibarətdir? – Qarşılıqlı sevgi! Bu sözdən sonra Nina başını aşağı salmışdı. Heç birimiz danışmırdıq, çünki artıq Təbrizə yetişmişdik. * * * Acı körpüsünə çatırdıq. Bura hərbi qərargah şəklini alırdı. Bura rus hökuməti tərəfindən çəkilmiş Culfa – Təbriz şose yolunun son nöqtəsidir. Burada yoxlayıcı və idarəedici kontorlar yerləşmişdir. Hər tərəflə telefon əlaqəsi vardır. Telefon inqilabçıların ixtiyarındadır. İnqilabçılar burada Təbriz şəhərinə gedənlərin vəsiqələrini yoxlayırlar. Mən, qızlar bilməsin deyə, hamıdan əvvəl faytondan düşüb qarovul postuna girdim və vəsiqəmi nişan verdim. Qızların da vəsiqələri yoxlandı. Faytonumuz körpüdən buraxıldı. Dar və palçıqlı küçələrin hər iki tərəfi böyük karvansaralardan ibarətdir. Böyük Təbrizin ticarət karvanları, bütün Azərbaycanın müxtəlif şəkildə olan nəqliyyatı yalnız burada yerləşir. Lakin həyat o qədər də coşqun deyildir. Ticarət karvanları əvvəlkinə nisbətən çox azdır. Faytonun atları qarınlarına qədər çamıra bulaşaraq tısbağa kimi sürünməkdə idi. Qəbiristanların içərisindən keçirdik. «Güllü mən əleyha fan!» Yazılmış uca məzar daşlarının dibindən çıxan səndəl və kündür tüstüləri qızların nəzərini cəlb edirdi. Qəbir daşlarının üstündəki daraq şəkilləri qızları daha da heyrətləndirirdi. Nina barmağı ilə göstərib: – Bu daşlardakı daraqlar nə deməkdir? – deyə soruşdu. – Biraığızlı daraqlar kişi, ikiağızlı daraqlar isə qadın qəbridir, çünki qadının adını daşda yazmağı namussuzluq bildiklərindən daşın üstündə daraq şəkli çəkirlər. Bu gün qəbiristanda camaat çox idi. Cümə axşamı olduğu görünürdü. Kimisi kündür, səndəl yandırırdı, kimisi əlində balaca bir daş tutub qəbir daşlarını döyməkdə idi. Küçədə şey satanların səsi bir-birinə qarışmışdı. Əllərdə satılan şey Təbrizdə qıtlıq olmadığını aydın göstərirdi. Qəbir üstündə ağlayan qadınların səsini küçədə şey satanların səsini qapamaqda idi. Cürbəcür səslər eşidirdik. – Xasa çörək! Fəqət çörək, xasa çörək, yəni qızarmış və təmiz çörək deyil idi. Təbrizdə sülh vaxtında da yaxşı çörək olmadığını eşitmişdim. Lakin indi öküz dili şəklində olan bu çörəklər göy rəngli xəmirdən ibarət idi. – Nanu-vəliəhd! Bu çörəklər şirin və yağlı çörəklərdir. Yaxşı olduğundan bir reklam olaraq adını «vəliəhd çörəyi» qoymuşlar. – Nafu-ərus! Bunlar insan göbəyi şəklində şirin çörəkdir ki, çox satdırmaq üçün «gəlin göbəyi» adını vermişlər. – Ləbi-düxtər! Bu isə dodaq şəklində şirin çörəkdir. Adını «qız dodağı» qoymuşlar. Əlbəttə, bunların hamısını qızlara tərcümə etmək mümkün deyildi. Lakin qismən onlara anladırdım. Nina birinci kərədir ki, üzünə ağ pərdə və ayaqlarına torba geyinmiş qadınları görürdü. Əlbəttə, buna təəccüb etməyə bilməzdi. Nifrətlənmədən soruşdu: – Gördüyümüz kişiləri bunlarmı doğmuşdur? – Bunlar doğmuşdur, – dedim. – Şərqin kişiləri birinci tərbiyəsini bu səyyar məhbəsin içində almışdır. Onlar heç vaxt azadlıq görməmişlər. Bir çoxları onun adını belə eşitməmişdi. İndi siz təsəvvür edin. Bu kimi bir xalqın hökumətə qarşı üsyan etməsi dövlət üsuli-idarəsinin nəhayət dərəcədə qaba və zalım olduğunu göstərmirmi? Üsuli-idarə o qədər qaba, o qədər əzazildir ki, körpəlikdən əsirliyə alışmış kütlələr belə üsyana qalxır. Nina bu sözləri son dərəcə diqqətlə dinləyirdi. Artıq bu söhbəti bitirmək vaxtı gəlmişdi. Dumanlar altında uyumuş Təbrizin gözəl təbiətini yaxından görmək daha maraqlı idi. Ucan yaylası ilə Qızıldağ yaylasının ortasında yerləşmiş bu müzəyyən şəhər bağlar, bostanlarla əhatə olunmuşdur. Yerlilərin çöhrələri ağ, xoş surət, mütəkəbbirdir. Təbrizin böyük eyiblərindən biri qəbiristanın şəhər içərisində olmasıdır. Məsələn, Surxab, Çərəndab, Gəcil, Şam, Fzan və sair məhəllələr qəbiristanların yanındadır. Əbbasilər dövründən bəri Azərbaycanın paytaxtı olan bu şəhərdə Şərqin məşhur alimləri, həkimləri, filosofları, yazıçı və şairləri toplanmışdır. Təbrizdə Şərq tarixinə zinət verəcək simalardan Baba Fərəc, Baba Həsən, Xacə Ziyaəddin, Hüseyn Bolğari, Nuru, Xaqani, Zəhirəddin Fariyabi, Xacə Məhəmməd Gəcücanlı və bir çox türk, fars və ərəb alimləri dəfn olunmuşdur. Otuz böyük kəndin arasında bina edilən və bağları bir-birinə qarışan bu böyük şəhəri Səhənd dağından axıb gələn Nehranrud çayı sulamaqdadır. İki yüzə qədər karvansara, on doqquza qədər böyük came, iyirmi bir hamam, bişmiş kərpiclə örtülmüş bazarlarında on beş minə qədər dükan yerləşən bu şəhər, doğrudan da, zəngin və səfalı bir şəhərdir. * * * Fayton qızları erməni məhəlləsində olan mehmanxanaya aparacaqdı. Yetişmək üzrə idik. Mən mehmanxanaya qədər onlarla getmək istəmirdim. Nina son kərə dedi: – Bir yerdə mənzil etsək yaxşı olmazmı? – Əfv edərsiniz, mehmanxanaya düşməyəcəyəm. Tanış evlərin birisində mənzil edəcəyəm. Yarın görüşərik, – deyə onlardan ayrıldım. Ninanın üzü bu ayrılışından narazı qaldığını anladırdı. Hətta o, son dəfə əlimi sıxdıqda sanki barmaqları və damarları da bu ayrılışa etiraz edirdi. Mən Rasta küçəsində Seyid Hüseyn dərbəndində olan tanışımın evinə getməli idim. * * * İlk görüşlər Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim. Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi. Səhər saat doqquzda çay içib çıxdım. Məhəllədə təsadüf etdiyim adamların hamısı tüfəngdən, patrondan, nişanə vurmaqdan danışırdı. Bir uşaq «vaks» çağıraraq başmaq təmizləyirdi. Onun gözəl səsi vardı. Oxudu. Dayanıb qulaq asdım: Rəhim xan gəlir Təbrizə, Ərmağan gətirir bizə, Az qalır qan çıxsın dizə, Taxtın uçulsun, Məmdəli, Gözün tökülsün, Məmdəli! Məhv oldu, talandı Təbriz, Neçə dəfə yandı Təbriz, Zatına inandı Təbriz, Taxtın uçulsun, Məmdəli, Gözün tökülsün, Məmdəli! Böyük nənən Ümmi-xaqan, Özün qeyrətdən pərişan, Bəsdir bu qədər tökmə qan, Taxtın uçulsun, Məmdəli. Gözün tökülsün, Məmdəli! Belə mahnıları çox eşidirdim. Bununla da Rəhim xanın Təbriz üzərində hərəkət etməsi məlum olurdu. Təbrizlilərin yalnız silahda deyil, şeir və ədəbiyyatda da inqilabi mübarizəyə hazırlandıqları görünürdü. Bu kimi şeirləri dəllaləzəndə də eşitmək olurdu. * * * Səttar xanın yanına getməzdən əvvəl bəzi inqilab rəhbərləri ilə görüşüb, onların inqilab haqqında fikrini öyrənmək istəyirdim. Birinci növbədə Hacı Əli davafürüşla görüşməli idim. Evini tanımırdım. Onun Təbrizdə məşhur adam olduğunu bilirdim. Yanımdan gənc bir mücahid keçirdi. Ondan: – Hacı Əli davafürüşun evinə hansı yoldan getməliyəm? – deyə soruşdum. Mücahid durdu, fikrə getdi. Sonra məndən soruşdu: – Qızını açıq gəzdirən Hacı Əlinimi deyirsən? – Bəli! – dedim. (Hacı Əlinin öz qızını açıq gəzdirdiyini bilirdim.) Mücahid nəğməsinə qulaq asdığım çəkməsiləni çağırdı. – Oğlan! Dur, düş bu əmioğlunun qabağına. Qızını açıq gəzdirən Hacı Əlinin evini göstər! – dedi. Çəkməsilən dinməz-söyləməz durub qabağıma düşdü. O qabaqca «vaks» sözünü qışqıra-qışqıra gedir, mən ətrafı nəzərdən keçirərək irəliləyirdim. O, aralıqda üzr istəyib bir-iki ayaqqabı da təmizlədi. Mənsə tələsmirdim, çünki ətrafa baxmaq, həyatı öyrənmək mənim üçün daha maraqlı idi. Küçələrdə fayton, araba, ümumiyyətlə, təkərli nəqliyyatdan bir nişanə belə görmədim. Yalnız ağ uzunqulaqları minib sürətlə o tərəfə, bu tərəfə gedənləri görürdüm. Çəkməsiləndən bunların hara getdiyini soruşdum. O, belə cavab verdi: – Təbriz çox böyük şəhərdir. Yalnız Dəvəçi məhəlləsi altmış min evdir. Bu yolları piyada gedib-gəlmək mümkün deyil. Bu eşşək üstündə gedənlər uzaq məhəllədə oturan tacirlərdir. Səhər eşşəyi minib gəlir hücrəsinə. Oturduğu hücrənin altı da tövlədir. Eşşəyi orada bağlayır. Axşam yenə də evə qayıdanda eşşəyin palanını hücrəsindən aparıb qoyur eşşəyin belinə. – Çox əcəb, palanı hücrəsində nə üçün qoyur? – Çünki burada eşşək palanı oğurlayanlar çoxdur. Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı. Bir az getdikdən sonra o mənə yenə də tapşırdı: – Hərgah eşşəyin varsa, palanından mütəvəccöh ol. Təbrizdə eşşək palanı çox bahadır, – dedi. Mən təbrizlilərin adam ələ salmasını və öcəşməsini eşitmişdim. Ona görə də çəkməsilənin söhbəti ilə maraqlanırdım. Onun sözlərini cavabsız buraxmayaraq: – Çox razıyam, – dedim. – Yaxşı ki, xəbər verdin. Yoxsa palanı oğurlayacaq idilər. O dinmədi. Bir az getdik; sərraf dükanlarının qarşısından keçirdik. Çəkməsilən qayıdıb yanıma gəldi. – Təbrizə təzə gələnlər pullarını gətirib burada xırdalayırlar, – dedi. Mən doğrudan da, pul xırdalayacaqdım. Sərraf dükanına yanaşıb bir dənə rus beşliyi çıxardım. Çəkməçi mənə yaxınlaşıb yavaşca dedi: – Bugünkü qiymət iyirmi yeddi qran beş şahıdır. Sərraf bunu eşidib çəkməsilənə acıqlanaraq: – Gedə, cakəş, səni kim çağırdı bura?! – deyə qovdu. Çəkməsilən də ona acıqlandı: – Cakəşin səsini eşidirəm – dedi. Sərraf buna heç də cavab vermədi. Təbrizdə bu kimi işlərə hər addımda təsadüf etmək olurdu. Yolumuza davam etdik. Çəkməsilənin məndən əl çəkdiyinə təəccüb edirdim. Bir qədər getdikdən sonra o, yenə də mənə yanaşdı: – Bilirsən nə var? – deyə soruşdu. – Xeyr, bilmirəm! – Mən qorxuram əxi... – Nədən qorxursan? – Qorxuram ki, sizin yadınızdan çıxsın. – Nə yadımdan çıxsın? – Eşşəyin palanını gizlətmək! Çünki Təbriz çox haramzada yerdir. Buraya palanlı gələn palansız gedər. – Qorxma, unutmaram. Yenə yolumuza davam etdik. O, yenə də sözə başladı: – Xatircəm oluram ha! – Nə üçün xatircəm olursan? – Mən xatircəm oluram ki, siz eşşəyin palanını gözünüzdən kənara qoymayacaqsınız. – Buna xatircəm ola bilərsən! Çox uzun yol getdik. Rasta küçəni hələ başa çıxmamışdıq. O, yenə də mənə müraciət edib palan barəsində tapşırırdı. Biz Əngəc küçəsinə yetişdik. O, Hacı Əlinin qapısını uzaqdan mənə nişan verərək: – Budur bax, qızı açıq gəzənin qapısı, – dedi. – Çox razıyam! – deyə ona 2 qran pul uzatdım. O, pulu alıb o tərəf-bu tərəfinə baxıb cibinə saldı və getməyə başladı. Mən hələ qapıya yetişmədən o məni çağırdı: – Dadaş, zəhmət olmasa biri azca dayan! – deyə mənə doğru qayıtdı. Mən 2 qrandan razı qalmadığını zənn etdim. Ağzını açmadan 2 qran da ovcuna basdım. – İndi ki, belə oldu, sizdən bircə də xahişim vardır, – deyə mənə müraciət etdi. – Buyur, nə demək istəyirsən? – Xahiş edirəm ki, palanı gözdən qoyma! Mən yenə güldüm. Onun ümidi kəsildi, çünki təbrizlilər insanı acıqlandırmaq və onu söyüşə məcbur etməkdən çox nəşələnirlər. Qapını vurdum. Tam mənasilə avropalı bir qız qapını açdı. Qiyafətimə baxıb dedi: – Nə istəyirsiniz? – Hacı Əlinin evi buradırmı? – Bəli, buradır. – Özü evdədirmi? – Evdədir. – Mən onu görmək istərdim. – Siz kimsiniz? – Mən onun qardaşıyam! Qız təəccüblə üzümə baxıb durdu. Mən ona başqa ad deyə bilməzdim, çünki qızın kim olduğunu bilmirdim. Qız çox təəccüblü bir surətdə cavab verdi: – Elə isə bir dəqiqə səbir edin. Hacıya xəbər verim. Qız getdi. Bir dəqiqədən sonra Hacı Əli özü qabaqda, haman qız isə arxasınca qapıya gəldi. Adımı dedim. Qucaqlaşdıq, öpüşdük. O, qızına tərəf döndü: – Doğrudur. Bu sənin əmindir. Mənim doğma qardaşımdan da mənə yaxındır. Qız mənə əl verdi. Hər ikisi qolumdan tutub böyük bir salona apardı. Salon bir fransız varlısının salonuna bənzəyirdi. Hələ səhər çayına başlanmamışdı. Salondan keçib çay otağına girdik. Mən yemək yemədim. «Fəqət bir stəkan çay içərəm» dedikdə qız bir stəkan çay və gözəl bir şüşə içərisində limon suyu gətirdi. Bunu Təbriz kübarları çaylarına tökürlər. Mən də stəkanıma bir neçə damcı limon suyu tökdüm. Çay çox ləzzətli idi. Hacı Əli nökəri çağırıb qulağına nə isə bir şey pıçıldadı. Nökər getdi. Çay içilib qurtardı. Hacı qızının da getməsinə icazə verdi. Hacı Əlinin qızı amerikalıların məktəbində oxuyurdu. 14–15 yaşlarında olan bu qız ucaboylu, qalın vücudlu, qara və dairəsi böyük gözlərə malik bir qız idi. Onun təbrizlilərə məxsus ağ pəmbə çöhrəsi və qara tüklərindən başqa hər şeyi bir amerikalı qızına bənzəyirdi. Təbrizdə birinci dəfə açıq gəzən bu qıza qarşı küçələrdə söz atmaq, təhqir etmək, sevgi elan etmək və sair bu kimi uyğunsuz hərəkətdə olmaq adət yerinə keçmişdi. Hətta onu bir neçə kərə ölümlə təhdid edib Amerika məktəbinə getməsini də qadağan etmişdilər. Qız bütün bunlara dözərək mollaların təklif etdiyi çarşabı başına salmamışdı. Təbriz şairlərindən Sərraf onun haqqında qəzəllər də yazmışdı. Qız bu qəzəlləri toplayıb saxlamışdı. Sərrafın qəzəllərindən birisi budur: Səməndə-nazə gəl baş verməy, ey mən başına qurban, Göz üstə qaşın oynatma, qara göz, qaşına qurban. Mən əbri-tirəbəxtəm, sən baharü tazəvü tərsən, Gərək mən ağlayam, sən ağlama, göz yaşına qurban. Billursan sinəyi-safında var bir daş kimi qəlbin, Həyatın çeşməsi bağrında səngi, daşına qurban. Durub fərraştək qəmzən bərabərdə deyər gəlmə! Könül mülkündə şahənşax olan fərraşına qurban! Əgər Sərrafa bir xaşxaş qədrincə ola meylin, Təmamən əldəki varım o bir xaşxaşına qurban! Bir az keçəndən sonra Məşədi Abbasəli qəndfürüş, Yusif xəzdüz, şeyx Məhəmmədəli qəssab, Əsgər qəhvəçi və sairləri gəldi. Bunlar Təbriz inqilabının rəhbər simaları idi. Tanış oldum. Çox söhbətdən sonra Siqətülislam müctəhidi görmək istədiyimi aşkara söylədim. Hacı Əli və Məşədi Abbasəli qəndfürüş Siqətülislamın heç bir inqilabi siması olmadığını söylədi. Hər halda mənim bu ziyarətə olan marağımı bilərək razı oldular. * * * Siqətülislam Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi. Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim. Siqətülislamın daşıdığı və üzərində ciddi mübarizə apardığı əqidə şiəlikdə bir təriqət olan şeyxi əqidəsi idi. Bu əqidəni 1800-cü ildə İran körfəzinin cənubi-qərb sahilində Əhsa adlı kiçik bir şəhərdə zühur edən Şeyx Əhməd Bəhreyni yaratmış və bununla da başına minlərcə mürid toplamışdı. Şeyx Əhməd öz əqidəsi ilə bütün Ərəbistanda və İranda şöhrət qazandığından və bu əqidə, nəhayət, bir dini məktəb şəkli aldığından Kərbala şəhərinə köçüb, 1804-cü ildə ruhanilər cəmiyyəti təşkil etməyə müvəffəq oldu. Şeyx Əhmədin ölümündən sonra bu ruhanilər cəmiyyətinin başına Ağa Seyid Kazım seçildi. Bundan sonra Şeyx Əhmədin şiə məzhəbi üzərində düzəltdiyi bu islahat bir neçə cəbhələrə ayrılıb bir-biri ilə mübarizə etməyə başladı. Bunların bir hissəsi Şeyx Əhmədin orijinal təriqəti üzərində durduğundan «şeyxi» adlanıb qaldı. İkincisi, Ağa Seyid Kazımın islah etməklə aralığa çıxardığı «üsuli» əqidəsinin ətrafına toplandı, üçüncü isə Seyid Kazımın ən idraklı şagirdlərindən sayılan Mirzə Əliməmmədin ətrafına toplanıb «babi» məzhəbini əmələ gətirməyə başladılar. Hazırda inqilab tərəfində duran, özünü «bitərəfəm» adlandıraraq eyni zamanda inqilabçılara rəğbət bəsləyən Siqətülislam Şeyx Əhməd Bəhreyninin orijinal təriqəti olan şeyxi əqidəsini daşıyır. Bu təriqətin düşməni əvvəldən də çoxdu. Nəhayət, babilik ayrıldıqdan sonra şeyxi əqidəsinə qarşı olan düşmənçilik daha da artmış oldu, çünki babinin şiəlikdə orijinal sayılan şeyxi təriqətindən ayrıldığı və üsul təriqətinin bunlarla heç bir əlaqəsi olmadığını şiə ruhanilərindən bir çoxu iddia edirdi. Siqətülislam bütün şərqi və şimali İranda şeyxlik üzərində mübarizə aparanların ən məşhuru və görkəmlisidir. Təbrizdə bunun düşməni imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhiddən ibarətdir. Son ikincilər əks-inqilab cəbhəsində durub məşrutə üsuluna qarşı mübarizə etməyə başladığı zaman Siqətülislam müctəhid də bunlara son zərbəni vurmaq üçün əlverişli bir fürsət əldə etmiş oldu. Bu səbəbə görə Siqətülislam inqilabda bitərəf davranmasına baxmayaraq, məşrutəçilərin tərəfini saxlamaqda idi. Hacı Əli adam göndərib onun yanına gedəcəyimizi xəbər verdi. Müctəhidin yaşadığı ev Surxab qapısı deyilən çay kənarındadır. Qapını döydükdə dörd-beş nəfər bizi qarşıladı. Müctəhid özü də dışarıda durub bizi gözləyirdi. Zatən bunun özü də böyük adamlarda təcrübədən keçirilmiş bir diplomatlıqdır, çünki evə hörmətli adam, qonaq gəldikdə onun ayağına qalxmamaq bir ədəbsizlik hesab olunur. Fəqət hər kəsin ayağına durmaq da böyük adamların şənini azaldırmış. Buna görə də evə qonaq gələcəyini bilən kübar adamlar əvvəlcədən ayaq üstündə durub qonaq gələrkən onun ayağına durmağı lazım görməzlər. Müctəhid bizi görən kimi əl verdi və sözə başladı: – Allah bilir ki, bir az da təxir etmiş olsaydınız küçəyə qədər gələcəkdim. Doğrusu, bu gün sizinlə görüşmək üçün özümdə fövqəladə bir meyil hiss edirdim. Hacı Əli məni müctəhidə tanış verdi. Müctəhid ikinci kərə əlimi sıxıb dedi: – Bunu da özüm üçün nazil olmuş bir nemət hesab edirəm. Müctəhid bizi özünün oturduğu otağa aparmadı. Qonaq otağına keçirdi. Otaq tamamilə Avropa üsulunda döşənmişdi. O bizi əyləşdirdi, sonra da özü oturub sözünə davam etdi: – Otaq bizim uşaqların zövqü ilə düzəlmişdir. Onları əcnəbi dillərdə oxutmuşam. Özümün də öyrənməyə meylim vardır; bunu hər bir təbrizliyə də məsləhət görmüşəm. Müctəhid bununla özünün yeni adam olduğunu bildirmək istəyirdi. Doğrudan da, başqa mollalara nisbətən Siqətülislamda yenilik az deyildi. Çay, qəlyan gətirdilər. Başqa söhbətlərlə vaxtı keçirmək istəmirdim, çünki başqa yerlərə də gedəcəkdim. Xüsusən bu gün mənim Səttar xanla görüşməməyim də yaxşı olmazdı. Onun üçün də lazımi məsələlərdən sözə başlamağa tələsirdim. İcazə aldım və sözü müqəddiməsiz olaraq danışmağa başladım: – Cənab Siqətülislam! İranda inqilabın rəhbər qüvvələri ilə icraedici qüvvələri arasındakı əlaqə haqqında fikriniz nədir? – Gəlin biz bir diplomat kimi yox, səmimi bir rəfiq kimi danışaq, – dedi, – inqilabın rəhbərlikedici qüvvələri ilə, icraedici qüvvələri arasındakı əlaqə haqqında danışmaq artıqdır, çünki axırıncılar buna heç vaxt qabil deyildir. – İndiyə qədər siz istəsəydiniz, həm Səttar xanla, həm də Bağır xanla əlaqə düzəldər və inqilabın mütəşəkkil getməsinə kömək edə bilərdiniz. Xüsusən siz Qafqazdan gələn canlı qüvvələrə də əhəmiyyət verməlisiniz. Siqətülislam sözlərimə diqqətlə qulaq asıb və yüsür təsbehin dənələrini yağış dənələri kimi bir-birinin üzərinə tökürdü. Onun qənaətləndirici bir cavab söyləyəcəyini gözləyirdim. Təsbehi yanındakı çay masasının üzərinə buraxdı. Öz gövdəsini o ki, lazımdır düzəldib: – Siz, əlbəttə, İranı çox yaxşı tanıyırsınız, – deyə sözə başladı. – Az-çox tanıyıram. – İran həyatını Araz çayının o biri tərəfindəki həyatla müqayisə etmək əqilli adamın işi deyil. Orada həyat başqa, burada isə bambaşqadır. Rus işçisi içərisində aparılan işi İran kəndlisi içərisində aparmaq doğru bir iş deyil, çünki rus işçisinin mədəsi həzm edə biləcək bir xörəyi İran kəndlisinin mədəsi heç vaxt həzm edə bilməz. Mən şəxsən Zaqafqaziya sosial-demokratlarının bu inqilabda iştirak etməsini təbrik edirəm. Əlbəttə, bu həmrəyliyin olduqca böyük qiyməti var. Təəssüflər olsun ki, onlar yerli şəraiti və yerli xalqın ruhunu bilmirlər. Onlar rus mujikinə dediyi sözləri İran kəndlisinə də deyirlər. Halbuki bunların arasındakı fərq yerdən göyə qədərdir. Şərqin mülkədarını da qərbin mülkədarı ilə müqayisə etmək olmaz. Şərqin əsiri də Rusiyadakı əsirlərə bənzəməz. Bu iki yerin məzlumları belə bir-birinə oxşamaz. Rəfiq, heç bir kəs inqilabı öz düşüncəsi ilə idarə edə bilməz. Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Bizim sosial-demokratlarımız bu inqilabı öz bildikləri kimi idarə edərək Rusiyadakı rəhbərliyi burada həyata keçirərsə, bizim inqilab o qədər də irəli gedə bilməz. Siqətülislam bu uzun söhbətdə yenə də öz sözünü açıq deyə bilmirdi. O, sosial-demokratlığı şəriət və dinlə barışdırmaq istəyirdi. Onun fikrincə, inqilab dinlə əlbir işləməli və bütün rəhbərlik din rəhbərlərinin əlində olmalı imiş. O, inqilabın düşmənlərini imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhid düşündüyü kimi düşünürdü. Onun fikrincə, inqilab məsələləri Hərbi İnqilab Şurasında deyil, yenə də hisli məscidlərdə, daş sütunlarının altında, daha açığı, dağılmış Quran vərəqləri və sınmış möhürlər üst-üstə tökülən mənbərlərdə həll olunmalı imiş. Siqətülislam ən axırda sözünü belə qurtardı: – Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə də belədir. Müctəhid bu sözlərini bitirdikdən sonra Səttar xan və Bağır xan məsələsinə keçərək dedi: – Səttar xan və Bağır xanla əlaqə məsələsinə gəldikdə onlarla anlaşmaq heç də mümkün deyil. Hələlik onlar öz aralarında barışa bilmirlər. Səttar xan Əmiraxizdə, Bağır xan isə Xiyaban məhəlləsində yerləşib öz aparatını qurmuşdur. Onların bu hərəkətləri inqilabın gedişini öz həqiqi cığırından çıxarmış olur. Onların bir çox işləri inqilab düşmənlərinin əlinə silah verir. Müctəhidin sözləri zahirdə nə qədər doğru isə də onun dediklərinin başqa bir mənası da vardı ki, o da Qafqaz sosial-demokratlarını sevməməkdən ibarət idi. Müctəhid bizi nahar yeməyinə saxlayırdı. Qalmaq istəmədim. Bir stəkan çay içdik. Müctəhidlə görüşərək Hacı Əli davafürüş və başqa yoldaşlarla bərabər çıxdıq, ağa tez-tez gəlib görüşməyimiz üçün bizdən söz aldı. Dışarı çıxdıqdan sonra danışırdıq. Hacı Əli gülərək dedi: – Uzaqdan bunun adını eşidənlər bu kimi nüfuz sahibi müctəhidin inqilaba böyük bir fayda verəcəyini düşünür. Lakin yaxından tanış olanlar bunun nə demək istədiyini və bunların inqilaba nə məqsədlə yanaşdığını birinci görüşdə anlayırlar. Siqətülislam islamiyyə adı ilə təşkil edilmiş əks-inqilab təşkilatı başında duran ruhanilərdən deyildir. Bu onlara nisbətən, demək olar ki, inqilabın dostudur. Lakin bu, inqilabı əski dini mövhumatla barışdırmaq və bir yerə calamaq istəyir. Sinfi mübarizə və iqtisadi ziddiyyətlər məsələsi bunun heç də başına girmir. Zaqafqaziya sosial-demokratlarını, xüsusən Bakı işçilərini istəməməsinin birinci səbəbi budur ki, qafqazlılar inqilabı öz həqiqi cığırı ilə aparır və inqilabı dini təsirdən çıxarmağa çalışırlar. Siqətülislam onu yaxşı bilir ki, Səttar xana və onun apardığı inqilaba böyük yardım edən Zaqafqaziya işçiləridir. Bunun üçün də müctəhid Səttar xanla heç də uyuşa bilmir. Əslində, bu müctəhid aralıqda qalmışdır. O, əks-inqilab təşkilatına heç vaxt qoşula bilməz, çünki onun məzhəb və təriqət düşmənləri olan (mütəşərre) üsul müctəhidləri tamamilə əks-inqilab qərargahındadırlar. İş belə olduqda müctəhid inqilab cəbhəsində də ciddi iştirak edə bilmir, çünki o, inqilabın təriqət və məzhəblə sazişə girməyəcəyini çox gözəl bilir. Hər halda onun inqilaba meyil etməsi yenə də özü üçün əlverişli olduğundan bizim tərəfimizdə olduğunu işdə yox, sözdə göstərir. Eyni zamanda sizə dedikləri sözləri də daim təkrar etməkdədir. Hacı Əli sözünü bitirdikdə mən və yanımızda olan yoldaşların hamısı: – Doğrudan da, belədir! – dedik. Siqətülislamın evindən çıxdıqda yolda bir neçə inqilab rəhbərlərinə rast gəldik. Bunlara biz Hacı Əlinin evində ikən sifariş göndərilmişdi. Onlar bizim Siqətülislamın evinə getdiyimizi eşidib oraya gəldiklərini və bizimlə görüşmək istədiklərini xəbər verdilər. Yolda bizə rast gələnlər Səttar xanın mərkəzi heyətini təşkil edən adamlar idi. Hamısı ilə görüşüb öpüşdük. Öpüşmək inqilabçılar arasındakı yoldaşlığın əlaməti olaraq adət yerini almışdı. Bunlarla görüşdükdən sonra Seyid Həsən Tağızadənin görüşünə getmək istədiyimi yoldaşlara xəbər verdim və nə cür yaşadığını soruşdum. Hamıdan əvvəl Hacı Əli bu barədə danışdı: – Onunla görüşmək eyib deyil. Hələlik o, inqilaba nəzəri və tarixi cəhətdən yanaşır. Hazırda elə qəti bir fəaliyyəti görünməmişdir. O, yalnız məsləhət verməyi sevir. Onun İran haqqında yeni əsərini oxumalısınız. – Oxumuşam. «Əhvali-kinuni-İran ba mühakiməti tarixi» sərlövhəli bir əsərini görmüşəm. Hacı Əli gülərək: – Bəli, əsər odur! – dedi. Yoldaşların Tağızadə ilə görüşməyə rəğbətləri olmadığını görüb öz görüşümü başqa bir vaxta saxlamağı qərara aldım. Mən bu söhbətdən sonra Hacı Əliqulu xan Vüsuqi-Nizamla görüşməyi düşündüm, çünki onun Təbriz–Culfa yolunun inqilabçılar əlində qalması işində mühüm rol oynaya biləcəyi məlum idi. Mən bunu yoldaşlara da dedim. Onlar bu görüşə razı oldular. * * * İran mülkədarının evində Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi. Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi. Əliqulu xan yoğun, ucaboylu, çopur və eyni zamanda çox mülayim bir üzə malik olan adam idi. O, kök və yoğun olmasına baxmayaraq, üzündən xəstə bir adama bənzəyirdi. Zatən Əliqulu xanın özü də İranın başqa mülkədarlarına nisbətlə liberal bir sima idi. Əliqulu xan birinci sözündə bunu bizə göstərməyə çalışdı. Söhbətimiz torpaq məsələsindən başlamışdı. Xan dediklərimin hamısına «bəli», «doğru», «təsdiq edirəm!» deyə cavab verirdi. Mən sözümü bitirdikdən sonra o, yanındakı çaydan bir neçə qurtum ağzına alıb danışdı: – Mən iranlıyam. Özüm də həqiqi iranlıyam. İran xalqının düşmənini də sevmirəm. Hərgah İranda torpaq məsələsi aralığa gələrsə, birinci növbədə mən öz kəndlərimi xalqa verənlərdənəm. Mən güldüm. Xan da təbəssüm edərək dedi: – Bilirəm nəyə gülürsünüz. Siz demək istəyirsiniz ki, indi ki belədir, nə üçün çağırıb kəndləri xalqa bağışlamırsan, əlini, qolunu ki, tutan yoxdur. Belədirmi? – Zənnimcə, siz bu işi görmüş olsanız, başqaları da sizin arxanızca gələr. – Bunlar tamamilə doğrudur. Lakin bugünkü inqilab torpaq məsələsini aralığa atmamışdır. Bu inqilab monarxizmin devrilməsi məsələsini də müzakirə etmir. Burada hər kəs vuruşur. Fəqət kimlərlə vuruşduğunu özü də hiss etmir. Hər kəs söyür, lakin kimləri və nə üçün söydüyünü bilmir. Hazırkı inqilab öz dostunu və düşmənini tanıya bilməmişdir. Siz inqilabın mahiyyətini və tərkibini hələlik bu camaata anlatmağı xəyalınıza belə gətirməmişsiniz. Kəndli sizi tanımır. Kəndlilər inqilabın xəbərlərini hələlik bir dastan kimi eşidir. Onun başında duran Səttar xanı və Bağır xanı da divləri öldürən, Qaf dağına gedən əfsanəvi bir qəhrəman kimi tanıyır. – Bunun səbəbi nədir? – deyə Əliqulu xandan soruşdum. O, siqarını yandırıb sözünə davam etdi: – Siz vaxtında torpaq məsələsini aralığa ata bilmədiniz, çünki öz sıranızda böyük torpaq sahibləri də vardır. Söz yoxdur ki, soyulmuş və il zəhmətindən sonra bütün xırmanını mülk sahibinə verib şana, xəlbirini dalına atmaqla evinə boş gedən kəndli sizə qoşulmayacaqdı; çünki o öz düşmənini sizin sıranızda görürdü. Siz buyurun, mülahizə edin. İnqilab hara? Ruhaniyyət hara? Şəriət hara? Məzhəb hara? Siz burjuaziya ilə, böyük və kiçik kapitalistlərlə çox yaxşı işləyə bilərsiniz. Əvvələn budur ki, kapitalistlər hər məmləkətdə dinsizdir. O, dinə hörmət edir. Fəqət özü üçün yox. Onlar dinə aşağı təbəqədə olmaq şərtilə hörmət bəsləyir. Odur ki, sizin üçün kaptalistlərlə işləmək ruhanilərlə işləməkdən daha əlverişlidir. İkinci bir səbəb də vardır ki, o səbəb burjuaziyanı bu inqilaba daha sıx bir surətdə bağlamışdır. O səbəb də burjuaziyanı monarxiyadan nifrətləndirir, təngə gətirir. Burjuaziya padşahın və onun rüşvətxor hakimlərinin qorxusundan öz kapitalını ölkənin daxilində geniş istismara buraxa bilmir. Bunun üçün o, padşahı yıxmağa və öz hökumətini qurmağa tələsir. Mən özüm də inqilabı sevirəm. Onun dostuyam, çünki bu inqilab mənim mənfəətimə qətiyyən toxunmur. Lakin inqilabçılar mənim bu inqilabda oynaya biləcəyim roldan heç də xəbərdar deyildir. İnqilabçılar məndən istifadə etmək istəmir. Onlar mənim kəndlərimin, mənim tayfamın əhəmiyyətini və coğrafi mövqeyimizin qiymətini bilmirlər. Hazırda Təbriz–Culfa şose yolu Qaradağ xanlarının hücum qorxusu altındadır. Onlar bu gün də olmasa, sabah bu yolu inqilabçıların əlindən alacaqlar. Bu yol isə inqilabçılar üçün ölüm-dirim məsələsidir. Rusiya inqilabının alovu bu yol vasitəsilə İrana girmişdir. Bu yol kəsildikdən sonra inqilab öz əsas yurdundan nəfəs ala bilməyəcəkdir. Culfa məbərinin inqilabçılar əlində qalması və oradan nəfəs alınması işi mənim tayfamın hərəkəti ilə əlaqədardır. Qaradağ xanları başda Ələkbər xan Sevlətüddövlə olmaq üzrə Culfa üstünə hərəkət etmək və inqilab tərəfində duran Əlamdar, Gərgər qəsəbələrini dağıtmaq üçün hazırlaşırlar. Bunlar mənim kəndlərimin içərisindən keçməlidir. Mənim qardaşlarım Heydərqulu xanla Hüseynqulu xan istədiyi vaxt Siyah-rud burnunu kəsib hərəkəti ləngidə biləcəklər. – Hələlik aralıqda bu təhlükə yoxdur. – Sən get, lazım bildiyin adamları buna inandır. Rəhim xan Sofyan, Mərənd, Circirləri tutunca Ələkbər xanı Culfada görəcəksiniz. Naharı Vüsuqi-Nizamın evində yedik. Vüsuqi-Nizam Qaradağ atlılarının hücumu ilə həm bizi qorxudur, həm də özü qorxurdu; çünki o öz kəndlərinin dağılmasından ehtiyat edir və inqilabçılardan istifadə etməyə çalışırdı. * * * Səttar xan Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi. Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə: – Deyəsən, bu bizim gözlədiyimiz rəfiqimizdir, – dedikdə Hacı Əli və Məşədi Abbasəli ikisi də birdən: – Bəli Sərdar. Özüdür ki, var! – dedi. O, ikinci dəfə əlimi sıxıb görüşdü. Yüksək bir mövqe tutduğuna baxmayaraq, yanındakıları çox mülayim sözlərlə dindirib yola salırdı. Biz içəri girdikdə mücahidlər Sərdarın evinə gəlib özlərinə verilən maaş haqqında danışırdılar. Danışıqdan məlum olduğuna görə hər bir mücahidə gündə iki qran verirmişlər. Bundan başqa xüsusi dükanlar vasitəsilə onlara ucuz çörək və sair ərzaq da satırlarmış. Sərdar mücahidləri yola saldıqdan sonra mənə müraciətlə: – Nə vaxt təşrif gətiribsiniz? – soruşdu. – Dünən gəlmişəm. Yorğun idim, özüm də Xiyabanda mənzil etdiyim üçün yanınıza gələ bilmədim. – Səhərdən bəri təşrifiniz harda idi? – Hacı Əli, Abbasəli qəndfürüşla bərabər Siqətülislamın görüşünə getdim. Doğrusu, onun fikrini bilmək istəyirdim. – O, bizim üçün əlverişli heç bir söz deyə bilməz. Onu bacarmaz da. – Doğrudur, Sərdar. Fikri molla fikridir. O fikirdə olan adamlarla inqilab irəli gedə bilməz. – Siz bir fikir verin! İndi bizim nə vaxtımızdır? Biz indi hökumət əleyhinə çıxan hər bir güvvədən istifadə etmək istəyirik. Bizim içərimizdə xırda mülkədarlar, müflis tacirlər nə qədər istəsən vardır. İş belə olduqda biz nə üçün özümüzə yardım əli uzadan Qafqaz sosial-demokratlarından istifadə etməyək? Siqətülislam bunu istəyir. O mənim və Bağır xanın bütün hərəkətini çərçivə içərisinə alıb, onu da öz əlində saxlamağa çalışır. Buna isə nə mən, nə də Bağır xan yol verə bilmərik. Doğrudur, bizə qonaq gəlmiş sosial-demokratlar qismən yerli şəraiti bilmirlər. Bu o demək deyil ki, bunlar dəyərsizdir. Onlar sərbəst hərəkət etməyi bacarmasalar da, mübarizə yollarını bizdən çox yaxşı bilirlər. Onlar inqilabda çox uzun və geniş təcrübə keçmişlər. Onların iti fikirləri, kəskin düşüncələri, bükülməz mətanətləri vardır. Biz bu qardaşlığı heç vaxt molla və mollaqulaqların ayağı altına verə bilmərik. Bu gün Bakı və Tiflis fəhləsinin, erməni işçisinin Təbriz küçələrində vuruşması, əlində bomba durub inqilabı müdafiə etməsi Təbriz inqilabı tarixini bəzəyəcək hallardandır. Biz heç vaxt aldanmarıq. Aldatmaq istəyənlərlə də mübarizə aparmağı bacarırıq. Sərdar yenə də Siqətülislam məsələsinə keçib dedi: – Qabaqda böyük düşmənlər vardır. Ruhanilər onu bilirlər ki, mən işi yarımçıq qoyub çəkilməyəcəyəm. Xüsusən qarşımda Əsgər Dəvatgəroğlu və bunun yoldaşları kimi alçaq adamlar olunca. Siz bilirsiniz ki, mən bunlarla çox zamandan bəri çarpışıram. İndi bu dəvəçi lotuları mənim acığıma gedib inqilab düşməni olan islamiyyənin ətrafında toplaşıblar. Bir azdan sonra Qafqaz sosial-demokratlarından bir neçəsi də gəldi. Tanışlar idi. Sərdar Əmiraxizə köçməyim üçün lazımı əmrləri verdi. İnqilab Şurası üzvü olduğumu, sabah saat on ikidə şuranın iclasına gələcəyimi əlavə olaraq tapşırdı. Axşam yeməyindən sonra mənzilimə getdim. * * * Ninanın məktubu Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu. Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!» Hafiz yerindən hərəkət etmədi. Nəticədə yol düşmənlərin əlinə keçdi. * * * Hələ Təbrizdə patron və əl bombaları hazırlamaq üçün Zaqafqaziya Ölkə Komitəsi tərəfindən görülən tədbirlər həyata keçirilməmişdi. Bu yolda lazım olacaq şeyləri gətirmək belə mümkün deyildi. Culfa–Təbriz yolu ilə gedib-gəlmək yalnız rus konsulxanasından verilən vəsiqələrlə mümkün idi. Tək-tək adamlar Təbrizə gizlincə silah gətirirdilər. Fəqət silah möhtəkirlərini təmin etmək üçün Hərbi İnqilab Şurasının əlində lazımınca pul yox idi. Təbrizdə böyük hökumət ordusu ilə vuruşmaq lazım gələcək idi. Əks-inqilab ordularını isə bir tərəfdən İran hökuməti, o bir tərəfdən isə Rusiya çarı təmin edirdi. Konsulxanada hər bir şey vardı. Mən daşnaklarla görüşmək üçün Ermənistana getdim. Onlarda silah və müharibə görmüş müsəlləh qüvvələr də vardı. Onlardan bir çoxunu gördüm. Daşnaklar Rusiyadan qorxduqları üçün bu inqilaba qoşulmaq istəmirdilər. Xüsusən, erməni burjuaziyası onların İran hökuməti üzərinə qalxmalarını bir nankorluq hesab edirdi, çünki Türkiyə və Rusiyada cinayətlər törədib qaçan daşnaklar üçün yalnız İran dövlətində yaşamaq mümkün olurdu. Çox gedib gəldikdən sonra onlar Qafqaz sosial-demokratlarından ayrılmayacaqlarını və bu mübarizədə iştirak edəcəklərini vədə verdilər. Yolum hər gün mehmanxananın qarşısından düşürdü. Günlərin birində girib Nina haqqında məlumat almaq istədim. Nina hər gün mehmanxanaya gəlib məni soruşurmuş. Axırıncı kərə bir məktub da buraxmışdı. Məktubunda vədlərimə sadiq qalmadığımı, onları tamamilə unutduğumu təkrar tənqid edirdi. Bu hadisələrlə dolu olan şəhərdə mənim tələf olacağımdan nigaran qaldıqlarını Nina bir neçə sətirdə yazmışdı. Məktubun əvəzində məktub yazaraq, görüş vaxtının təyinini Ninanın öhdəsinə buraxdım. * * * İki gün sonra mehmanxananın kiçik salonunda oturub qəzet oxuyurdum. Hövsələm daralırdı. Qəzeti bekar durmamaq üçün bir neçə dəfə oxumuşdum. Gözlərimi arxadan iki əl qapadı: – Tap görüm kimdir? İncə səs, titrək və isti əllər Ninanı xatırladırdı. – Bu əl başqasının deyil, mən gözlədiyim əldir, – dedim. Gənc Nina tamamilə dəyişmişdi. Sanki Təbrizdə bir ildən bəri istirahət içində yaşamışdı. O öz həyatından razı qaldığını bildirdi. Birinci sözü bu oldu: – Konsulun ailəsində bizi çox hörmətlə qəbul etdilər. Xüsusən məni konsulun qadını öz qızı kimi sevir. Orada da yaşayırıq. Bizim haqqımızda göstərdiyiniz səmimiyyət haqqında hər ikimiz danışdıq. Sizin mallarınızın talandığını söylədik. Konsul malınızın geri alınması və özünüzə qaytarılması üçün bizə təminat verdi. Xüsusən onun qadını sizi qonaq gətirməmizi tapşırdı. Onlar sizin bu cür mədəni hərəkətinizlə iftixar edirlər. Hər halda sizi tanımadıqlarına təəssüf etdilər. – İrandakı həyatınızdan razısınızmı? – Mən şəxsən çox məmnun qaldım. Bunlar mənim dilimi bilməsələr də, öz məhəbbətlərini gözləri, çöhrələri və hərəkətləri ilə mənə bildirmək istəyirlər. Xüsusən konsul cənablarının evinə gedib-gələnlər, tacirlər, iş sahibləri mənə çox ehtiram göstərirlər. Məni çox yerə qonaq çağırırlar. – Qonaq çağırılan yerlərə gedirsinizmi? – Hələ heç bir yerə getməmişik. Lakin yarın konsulxana mütərcimlərindən birinin evinə nahar yeməyinə getməyə söz vermişik. – O kimdir? – Adını yadımda saxlaya bilmirəm. Uca, nazik gövdəli bir adamdır. Boynu, burnu uzundur. Çox tez-tez danışır, kəlmələrin axırını yeyir. Çox mütəkəbbir və özünü tərifləyən bir zatdır. Doğrusu, mən bu adamı çox da xoşlamıram. Lakin o öz evini tərif edir. Gözəl əntiqəxanası, asari-ətiqədən qiymətli şeyləri olduğunu söyləyir. Bunu başqaları da təsdiq edir. Bunun üçün də yalnız evini görməklə maraqlanıram. – Bəlkə, bu adam Mirzə Fətulla xandır? – Hə, özüdür! Mən bunun kim və nə cür adam olması haqqında Ninaya heç bir söz demədim. Bu hələ tez idi... – Demək, Nina xanım, biz yarın görüşə bilməyəcəyik. Nina gözlərini parladaraq: – Nə üçün? – deyə sordu. – Çünki siz yarın Mirzə Fətulla xanın evinə qonaq gedəcəksiniz. – Mirzə Fətulla xan bizim üçün o qədər də əhəmiyyətli deyil. Bizi yüzlərcə Mirzə Fətulla xan kimisi qonaq çağırır. Siz isə bizim üçün təksiniz. Sizin söhbətləriniz, xüsusən məndə silinməz bir xatirə buraxmışdır. Mən son zamanlarda şərqlilərdə bəzi xüsusiyyətlər görmüşəm ki, bunları qərblilərdə çox az görmək olur. Şərqlilər, ümumiyyətlə, qadınlara qarşı özlərini yüksək tutmayırlar. Mən bu xüsusiyyəti birinci dəfə sizdə təcrübədən keçirdim. Mümkün olduqca sizdən uzaqlaşmayacağam. Doğrusu, heç kəsə ürəyim yatmır. Bilmirəm, Şərqdə ilk dəfə sizi gördüyümdənmi və ya mənim özümə də məlum olmayan bir səbəbdənmi? Hər nədənsə, sizi görmək məni daim sevindirəcəkdir. * * * Çox tez-tez görüşürdük. Görüşmək və lazımi sözləri danışmaq üçün müxtəlif yerlər təyin edirdik. Görüşmələrin sayı artdıqca, Ninanın da bu görüşlərə tələb və arzusu artırdı. Bəzən hər gün görüşürdük. Nəhayət, onu bacısından ayırmağa müvəffəq oldum. Ninanı Minasyanın evində hazırlanmış üç otağa köçürdüm. Ninadan istifadə etməli olduğumuzu Səttar xana da söylədim. Onun mənə qarşı böyük hörmət bəslədiyini, bu hörmətin möhkəm bir sevgiyə qədər vardığını da əlavə etdim. Səttar xan məni təbrik etdi, məsələ ilə son dərəcə maraqlandı. – Ayıq ol, sarıtel qız bizi satmasın, – deyib güldü. – Zənnimcə, insanı satacaq qız deyildir, fəqət onunla çox ehtiyatlı davranmalıyam. Konsulxanadan, xüsusən mütərcimlər evindən bir çox lazımi vəsiqələrin əldə edilməsinə bunun vasitəsilə müvəffəq olacağam. – Qıza böyük vədlər, hətta pəşin hədiyyələr də vermək lazımdır. – Bunların heç bir lazım deyil. O mənim məqsədimə əməl etməyi hər bir hədiyyədən artıq bilər zənnindəyəm. Sərdarın əmri ilə Minasyan çağırıldı. Minasyan incakist firqəsinin üzvüdür. Ona Nina və onun otaqları haqqında lazımi tapşırıq verildi. Sərdar əlavə olaraq otaqların döşənməsi və hər cəhətdən təmin olunmasını lazımi adamlara tapşırdı. * * * Nina Minasyanın evinə köçdü. Nina otaqların belə zəngin bir halda döşənməsi, hətta bunun az bir zamanda başa gəlməsinə təəccüb edirdi. Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı. Mən, doğrudan, özünə də hiss etdirmədən onu sevirdim. O xasiyyətdə, o səmimiyyətdə qızı sevməmək olmazdı. Onu aldatmağı, doğrudan da, bir xəyanət hesab edirdim; çünki qız bu sevgi üçün ölümə qədər gedəcəyini hər bir hərəkətində bildirirdi. Fəqət mən qızın sevgi üçün deyil, inqilaba bir inqilabçı kimi yardım etməsini istəyirdim. Bütün söhbətimizdə sevgili qızı inqilaba hazırlayır və onu inqilabın gələcəyinə inandırırdım. – Mənim bütün mallarımı özümə qaytardılar. İndi zəngin bir adamıq. Bu şeyləri də sənin üçün almışam, – dedikdə Ninanın sevincindən gözləri yaşardı və bir damla göz yaşı ipək donun üzərinə düşüb parçalandı. – Mən sizi özümə bu qədər səmimi bilməyirdim, – dedi. – Siz gələcəkdə daha da xoşbəxt olacaqsınız. Mən öz səmimi hörmətimi sizə göstərmək üçün daha başqa imkanlar əldə etməyə çalışacağam. – Sizə qəlbən inanıram. İnandığım da indi deyil, birinci gündəndir. O mənə, doğrudan, inanırdı. O, ən dəlicəsinə sevən bir qızın öz sevdiyi gəncə qarşı tutduğu vəziyyəti tutmuşdu. Bunu bütün hərəkətilə göstərirdi. O buna haqlı idi. Mən onu əyləndirəcək və razı sala biləcək bütün vasitələri hazırlamağa çalışırdım. Onsuz yeməz, onsuz da bir yerə getməzdim. O da belə idi. Lakin mən burada ifrata vardığımı anladım, çünki mənim bu dərin məhəbbətim gənc qızın rahatlığını pozurdu. O mənim inqilab hərəkatında iştirak etdiyimi və üzərimə müəyyən vəzifələr götürdüyümü bilmirdi. Buna görə də vədə verdiyim müəyyən vaxtlardan təxil etdikdə darıxır, ağlayır, hətta başqa sevgi ilə məşğul olduğumu zənn edib qısqanırdı. Nina ara-sıra bu təxirlər üçün məni tənqid etməyə də başlamışdı. Bütün bu nümayişlər bir sevgiyə, lakin dəli bir sevgiyə, hər fədakarlığa hazır olan bir sevgiyə dəlalət edirdi. Gənc qızın hərəkət və davranışları, onun qəlbindəki həyəcanları aydıncasına oxudurdu. Onun sevincli ürəyi titrək gözlərinin bacasından qollarımın arasına atılmaq istəyirdi. O danışdıqca daima ürəyinin döyüntüsünü belə eşidirdim. Bununla bərabər o, çox utanırdı. Bəzən lazımi sözlərini deməkdən belə çəkinirdi. Sevgi sözü hər bir hərəkətində var idi, lakin sözdə və dildə yox idi. Sevirəm deməyə utanırdı, lakin söhbətlərinin hamısı sevgi ətrafında cərəyan edirdi. Birimiz utanır, digərimiz qorxurdu. O, sevgisini elan etməkdən utanır, mən isə məqsədimi ona açmaqdan qorxurdum; çünki məqsəd o sevgidən daha böyük, daha mühümdür. Bir neçə gün belə davam etdik. Bütün söhbətlər onun sevgisini və mənim məqsədimi andıracaq fəlsəfələr və müəmmalardan ibarət idi. Onu hər sözdə sınayır, imtahan edir, and içdirir, qadınların tez sevib, tez də ayrıldıqları məsələsini aralığa atır və deyirdim: – Qadınların qəlbi nazikdir. Onlar çox tələsirlər. Bir kişini heç tanımadan sevirlər. Qadının qəlbi aldanır, gözləri, hərəkəti isə aldadır, nəticədə həm kişi, həm də qadının hər ikisi bədbəxt olur. Bu cür adamlar heç vaxt səmimi bir ailə başçısı olmazlar. Bunun üçün həm kişi, həm də qadın uzun zaman bir-birlərini öyrənməlidir. Nina düşündükdən sonra utana-utana güldü: – Doğrudur, – dedi, – mən özüm də belələrini sevmirəm. Mənə qalırsa sevməməyin ixtiyarı insanın öz əlində deyil. Əgər ixtiyar insanın öz əlində olarsa, sevginin bu ağırlıqlarına dözmək istəməz. İkiüzlülüyü davam etdirmək mümkün deyildi. Ninanın həyəcan və iztirabını hiss edərək ruhən əzab çəkirdim. Ona inanmamaq ya idraksızlıq, ya da rəhmsizlik idi. Nina çox zamandan bəri ətində, qanında bəslədiyi sevgini lal bir hərəkətlə ifadə etməkdən yorulmuşdu. Ən sonda onu sözlə də dedi: – Sevirəm! Məzəmmət etmə! Nina bu sözü dedikdə utandı və əlini gözlərinə qoyub yataq otağına qaçdı. Qapını arxasınca qapadı. Mən isə ayağa durub mənzilimə qayıtdım. * * * Mən tacir deyiləm Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim: – Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız. Nina bu sözlərdən sonra gözlərimin içinə baxdı. – Mən bir şeyi bilmək istərdim. – Nəyi bilmək istəyirsiniz? – Sizin inqilab tərəfdarı olduğunuzu birinci gündən hiss edirdim. Sizin mətanət və əzminiz də bunu göstərir. Fəqət təyin etmədiyim bir şey varsa, o da sizin inqilaba nə məqsədlə qoşulmanızdan ibarətdir. Həqiqi inqilabçımısınız? Və ya inqilaba ticarət və şəxsi mənfəət üçünmü yanaşırsınız? Bunu bilsəydim, qəti fikrimi deyə bilərdim. – Bunu nə üçün soruşursunuz? – Hərgah pul üçünsə, təhlükəsiz ticarət mümkün deyilmi? – Paraya ehtiyac yoxdur. Ehtiyacım olsa da inqilabi məqsədlər üçündür. Bu sözüm sizə olan məhəbbətim qədər səmimidir! – Elə isə mən inqilabda nə kimi bir vəzifə götürə bilərəm? – Birinci növbədə Rusiyaya gedib-gəlmək üçün konsulxanadan vəsiqələr əldə etmək lazımdır. – O vəsiqələrlə mənmi Rusiyaya getməliyəm? – Hər kəs gedirsə, getsin. Hələlik vəsiqəni əldə etmək üçün düşünməliyik. Nina başını aşağı salıb düşünürdü. Şübhəsiz ki, məni saxta bir sima hesab edir, onu öz məqsədlərinə xidmət edən bir alətə çevirmək istədiyimi zənn edirdi. Üzündə bir tərəddüd görünürdü. Uzun kirpiklərini bir-birinin üstünə töküb durmuşdu. Lakin məsələ, onun düşündüyü kimi deyildi. Mən də onu sevirdim. Fəqət onu da özüm gedən yol ilə aparmaq və əqidə sevgisi yaratmaq istəyirdim. Çox fikirdən sonra dəyirmi gözlərini gözlərimə dikib: – Hərgah sənin sevgin məndən bunu tələb edirsə, hazıram. Bu təklifi məmnuniyyətlə qəbul edirəm – dedi. – Bunu bizim sevgimiz yox, məzlum bir xalqın taleyi tələb edir. Bizim sevgimiz də inqilab hərəkatına başlamış kütlələrin taleyindən asılıdır. İnsanı yalnız bir sevgi təmin edməz. Biz öz sevgimizi inqilab hərəkatının tələblərinə tabe tutmaya bilmərik. – Mənim heç bir sözüm yoxdur. Sən düşüncəsiz və bacarıqsız adam deyilsən. Təkbaşına iş görmək də çətindir. Buna mühit də icazə verməz. Tək irade, təkbaşına təşəbbüs kütləyə bir şey verməz. Hərgah sən inqilaba sadiqsənsə, sən bir cəmiyyətə qoşulubsansa, mən də öz xidmətimi əsirgəmərəm. Yalnız bunu bilmək istəyirəm, sən mənimlə öz tərəfindənmi, bir cəmiyyət və ya təşkilat tərəfindənmi danışırsan? – Mən özümdən heç bir şey demərəm. Bunu cəmiyyət adından deyirəm. Əgər siz bundan məmnun deyilsinizsə, yenə də məcburiyyət yoxdur. Sizin bu təklifdən boyun qaçırmağınız bizim tanışlığımıza heç bir zərər yetirə bilməz. Nina yenə də fikrə getdi. Bir neçə dəqiqə düşündü. Mən indi masa üzərindəki məcmuələrə baxırdım. Nina qəti sözünü dedi: – Siz doğru deyirsiniz. Bilirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir. Bilirəm ki, heç bir vasitə o hörmətə təğyir verməz. Lakin bir şeyi də bilirəm. Əqidə birliyi olmayan yerdə, sevgi birliyi də ola bilməz. Mən yalnız sevgi üçün deyil, öz maraq və duyğum üçün də siz təklif etdiyiniz cəmiyyətin nəfinə işləməyə söz verirəm. Demək siz tacir deyilsiniz. – Əlbəttə, yox. Tacir deyiləm, – deyim. Nina çox şadlanırdı. Çöhrəsində ümid və sevgi nişanələri parlayırdı. Çayı içdik. Mən onu artıq narahat etmək istəmədim. Vidalaşıb birbaşa Sərdarın yanına getdim. * * * Sərdarın yanına daxil olmaq üçün hər dəfə icazə istəmək lazım deyildi. Daimi icazə vərəqəsi ilə onu gecə saat on ikiyə qədər görmək mümkündür. İçəri girdikdə Hacı Mehdi Kuzəkünanini Sərdarın yanında gördüm. Hacı Mehdi Sərdarın yanına mühüm bir iş üçün gəlmişdi. O öz sözlərində tamamilə burjuaziyanın inqilab üzərindəki təzyiq rolunu ifa edirdi. – Mən deyirəm, biz bazarın nırx məsələsinə qarışmayaq. Biz istibdadla mübarizə aparsaq bəsdir. Anbar sahibləri tamamilə nüfuzlu adamlardır. Nırx qoyduqda onların mənafeyi tapdanır, onların əks-inqilab dəstələrinə qoşulmaları üçün bu da bir bəhanə olur. Səttar xan Hacı Mehdinin bu sözlərini diqqətlə dinləyirdi. O, qəlyanın qəmişini hələ ağzından çıxarmamışdı. Nəhayət, Hacının danışmasından ürəyim darıxdı. Bunu Səttar xanın özü də hiss edirdi. Axırda Səttar xan: – Qəlyanı aparın! – deyə səsləndi. Gəlib qəlyanı apardılar. Səttar xan isə sözə başladı: – Nırx məsələsi mühüm məsələdir. Anbar sahibləri bizi şəhərin kənarında duran düşmənlərdən daha artıq boğmağa çalışırlar. Onlar gündən-günə taxılın qiymətini qaldırırlar. Biz nırx məsələsinə qarışmasaq, vəziyyətimiz get-gedə ağırlaşacaqdır. – Mən ərz edirəm ki, biz bu məsələyə qarışsaq, işimiz daha çox ağırlaşacaqdır. – Hacı, siz səhv edirsiniz. Anbar sahibləri kimdir? Mirzə Möhsün ağadır. İmamcümədir. Bunlar daxildə iğtişaş hazırlayırlar. Bahalıq bir gün bütün Təbrizi bizim əleyhimizə qaldıra bilər. – Mən təklif edirəm ki, məsələni əncümində qoyub həll edək. Səttar xan məsələni əncümində qoymaq üçün bir söz demədi. Həmişə əncümən məsələsi aralığa gəldikdə o susurdu. Bir inqilab diktatoru kimi hərəkət etməkdən qorxurdu. İxtilaf meydana çıxacağından ehtiyat edirdi. Mən Hacı Mehdi ilə bir neçə dəfə görüşmüşdüm. O, yalnız mənim deyil, bütün Qafqazdan gələnlərin fikri ilə hesablaşmaq istəmirdi. O da Siqətülislam müctəhidin fikrində idi. Mən bir neçə kəlmə danışmaq üçün Sərdardan icazə istədim. – Buyurun, buyurun! – deyə icazə verdi. – Mən Hacı cənablarını çox diqqətlə dinləyirdim. Hacı məni bağışlasın. Bu fikirlər inqilabçı fikri deyil. Bir hökumətin əleyhinə üsyan qaldıran və heç bir fəlakətdən qorxmayan inqilabçıların beş nəfər anbar sahibindən qorxması inqilab tarixi üçün bir ləkədir. Anbarlar çoxdan bəri inqilab hesabına ələ gətirilməli idi. Mən onları müsadirə etmək fikrini meydana sürmək istəmirəm, çünki inqilab sırasında bir çox mollanın, varlının olması «müsadirə haramdır» deyə buna yol verməyəcəkdir. Lakin sabahdan etibarən bütün taxıl anbarlarını siyahıya alıb məhsulu müəyyən qiymətlə camaata satdırmalıyıq. Belə olarsa camaat inqilaba iki əli ilə möhkəm yapışar. Səttar xan səsləndi: – Qəlyan gətirin! Çay gətirin! Qəlyan, çay gətirildi. Səttar xan börkünü götürdü, əlini başına, sonra da bığlarını çəkdi. Zatən bu, Səttar xanda adət idi. Həmişə mühüm bir məsələni həllə başlamadan və mühüm bir cavabı vermədən əvvəl əlini başına və bığlarına çəkərdi. O, başına hərəkət verərək sözə başladı: – Mən elmsiz bir adamam. Lakin bu kimi şeyləri anlamaq üçün heç də çətinlik çəkmirəm. Bir ağırlıq varsa, o da bildiyimi, anladığımı həyata keçirməkdir. Mən bilirəm ki, taxılları hesaba almaq lazımdır. Nəinki şəhərin içərisindəki taxılları, hətta Sərdruddakı, Qızılca meydanındakı, Sofyandakı taxılları da əlimizə almalı idik. Fəqət qoymayırlar. Hacı Mehdi Səttar xanın bu sözünün qarşısında heç bir şey demədi. Zatən İranda bu adət deyildi. Böyük adamların fikri qarşısında heç bir fikir ola bilməz. Bunun üçün də Hacı Mehdi Səttar xana verəcəyi cavabı mənə verməyə başladı. – Möhtərəm rəfiq! – dedi. – Biz inqilab etmişüx... Biz hökumətlə vuruşurux. Bizim əllaflıq etməyə vaxtımız yoxdur. İnqilab taxıl alış-verişilə məşğul olsa, böyük xanlar, zərğamlar, hacı Musa xanlar sabah bizim dədəmizə od vurar. Bu gün biz taxılın üstünə əlimizi bassaq, sabah bir nəfər adam belə Təbrizə taxıl gətirməz. Səttar xan qəlyanı tələsik ağzından çıxarıb: – Onsuz da, – dedi, xaricdən taxıl gətirilməyəcəkdir, çünki mühasirə xətti get-gedə daralır. Mən danışmırdım. Danışığın artıq faydasız olduğunu bilirdim. Bunu Səttar xan da hiss etdiyindən söhbətin istiqamətini dəyişdi: – Hacı getdikcə cavanlaşır. İnqilab Hacını cavan bir oğlan halına gətirmişdir. Hacı güldü. Börkünü əlinə götürüb onun «güllərini» yatırmaq üçün əlilə börkünü tumarladı. – Doğrudan da, dünəndən bəri bu sözü mənə bir çoxları demişdir. Özüm də aynaya baxmışam. Görürəm ki, təzə börküm məni lap cavan göstərir. – Ləbbadəni çıxarıb yaxşı bir «sərdarı» geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, – deyə Sərdar güldü. Hacı Mehdi özündən, ailəsindən, hətta yediklərindən çox bəhs etdi. Uzun danışıqlardan sonra Səttar xan ona müraciətlə: – Hacı mürəxxəssiniz, – dedi. Hacı Mehdi qalxıb getdi. Zatən bu söz İran kübarlarının arasında adətdi. Böyük adamlar icazə verməmiş onun məclisində oturanlar durub getməzdilər. Hacı Mehdi çıxdıqdan sonra Səttar xan mənə müraciət etdi: – İndi qafqazlı yoldaşlar bilsin ki, biz inqilabı nə kimi adamların içərisində aparırıq. Hərgah namusum qəbul etsəydi, Əsgər Davatgəroğlu, naib Həsən Kababçıoğlu kimi alçaqlar olmasaydı, çəkilib bir tərəfdə oturardım. Lakin iş işdən keçibdir. İnqilabın bütün ağırlıqlarını öhdəmə almışam. Sizə məsləhət görürəm ki, bunlarla heç vaxt bəhs etməyin. Bunların hər birinin cibində yüz əqidə vardır. Siz bilirsiniz ki, mən heç kəsə güzəştə getmərəm. Lakin bəzən bunların qarşısında güzəştə getməyə məcbur oluram. Bunun hamısı inqilabın xatırınadır. Hacı məsələni əncümənə həvalə edir. O bilir ki, əncüməndə səs varlıların əlindədir. Bu söhbətlərdən sonra Sərdar sözü Nina məsələsinə gətirdi: – Vəziyyət ağırdır. Fişəng, əl bombaları yoxdur. Bunları hazırlamaq üçün əldə edilən şeylər hamısı da suyun o tərəfindədir. Bəlkə, Ninadan bir mətləb hasil oldu. – Nina məsələsi düzəlmişdir. Ondan ən səmimi və fədakar bir yoldaş hazırlaya biləcəyimə əminəm. O, inqilabda vəzifə götürəcəyinə sevinir. – Ona lazım olan şeylər verilmişdirmi? – Otaq və lazım olan şeylər barəsində tamamilə təmin edilmişdir. Çox da razı qalmışdır. – Məsarif və xərc cəhətindən də təmin olunmuşdurmu? – Ona pul vermək yaramaz. Özü də qəbul etməz. Lazımi şeylər üçün pulu mən özüm verərəm. – Heç vaxt xəsislik etməyin. Bir şahılıq iş görənlərə beş şahı verməkdən çəkinməyin. Onu özü istədiyi kimi yaşatmalısınız. O, istəsə bizə böyük yardım edə bilər. Məndən ona salam yetirin. O bizi çox da həqir saymasın. Biz on milyonluq camaatın dərdlərini deyirik, haqlarını istəyirik. Ona mənim dediyimi eynən söyləyin. – Sərdar, sizi əmin edirəm ki, o qız bizim yoldaşımızdır. – Qadınlar inqilabı çox sevir. Onlar inqilab rəhbərlərini xariqüladə bir qüvvətə malik olan sima hesab edir. Bu gün bir dul qadından aldığım məktub bunu tamamilə isbat edir. Gör bir nə yazır: «Bilirəm neçə qadınınız vardır. Bu mənim üçün heç də ayıb deyildir. Mən özüm də dul qadınam. Çox dövlətim, kəndlərim vardır. Sizi də görməmişəm. İnqilab qəhrəmanı olduğunuzu bilirəm. Mən sizin adınızı məmnuniyyətlə qəbul edərdim. Əgər siz bunu qəbul etsəniz özümü xoşbəxt hesab edərəm». Sərdar məktubun qısa məzmununu söylədi. Yazının adını da demədi. Hər gün belə məzmunda yüzlərcə məktub aldığını qeyd edərək dedi: – Zənnimcə, inqilabın ağırlığını qadınlar da daşıya bilər. Onlar da inqilabı hərəkətə gətirən həqiqi qüvvələrdən ola bilərlər. – Doğrudur, Sərdar, qadınların cəmiyyət işində çalışması son dərəcə əhəmiyyətli və zəruridir. Yemək vaxtı idi. Şam yeməyini bir yerdə yedik. Süfrəyə başqalarını da çağırdı. Süfrə Təbriz əyalarında olduğu kimi təntənəli deyildi. Yeməklər ət suyu və ətdən ibarət idi. Gecə saat bir olmuşdu. Mən ayağa qalxdım. Sərdar məni mənzilimə qədər yola salmağı yanındakı adamlara tapşırdı. «Heç kəs lazım deyil», deyib dışarı çıxdım. * * * Nina ərə gedir Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim: – Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil. Neçə gündən bəri Ninanın Arşak Surenyansa ərə getdiyini, toylarının Gömrü şəhərində baş tutacağını və yaxında gedəcəklərini çox adam eşitmişdi. Təhminə xanım məni görən kimi təəccüblə dedi: – Ay oğul, bu nə xəbərdir? Gecə-gündüz can deyib, can eşitdiyiniz qız nə üçün səni satdı? – Eybi yoxdur. Biz tanış idik. Tanışlığımız yenə davam edəcək. Biz evlənmək üçün bir-birimizə söz verməmişdik. Zeynəb bacı çarqatının ucu ilə gözlərini silib dedi: – Yazıq qardaşıma hiylə qurdular. Qız bundan ötrü özünü öldürürdü. Bir saat gec gələndə bilmirdi ki, nə eləsin. Qız birdən-birdən dəyişildi. – Təhminə çox yaşayıb, çox da bilir. Nə olubsa – bu evdən olub, qıza cadu elədilər. Bu cür qızı müsəlmana qismət olmağa qoymazdılar. Öz ermənilərinə düzəltdilər. Təhminə xanım bu sözlə Minasyanın qadını Şuşanik xanıma işarə edirdi. Şuşanik xanım isə balalarının canına and içib xəbəri olmadığını dəfələrlə söyləyirdi. Ninanı gözləyə bilmədim. Sərdarın yanına getməli idim. * * * Bu günlərdə Təbrizdəki silah ehtiyatı qurtarırdı. Qaradağlıların hücumunun qarşısını sadə tüfənglə saxlamaq mümkün deyildi. Pulemyota böyük ehtiyac hiss olunurdu. Bu da yoxdu. Əl bombaları qurtarmaq üzrə idi. Mən Sərdarın yanına girərkən gizlin patron gətirənlərə veriləcək pul üstündə danışıq gedirdi. Patronun biri bir qrana qiymət olunurdu. Bununla da azı on minə qədər silah götürən inqilab ordusunu heç vəchlə təchiz etmək mümkün deyildi. Sərdar çox acıqlı idi. Patron gətirənləri təmin etmək üçün istənilən pul haqqında Hacı Mehdi ilə sözləşdiyini sonradan eşitdim. Mən öz planım haqqında Səttar xana heç bir söz deməmişdim. Sərdar məclis dağılandan sonra yenə də bu xüsusda ətraflı düşünməli olacağımızı təkrar etdi. Arazın o tərəfində hazırlanmış şeyləri gətirmək üçün tədbir görülməsini tapşırdı. * * * Nina səhər tezdən səfərə çıxacaqdı. Səttar xanın evindən qayıdıb yenə də onun evinə getdim. Təhminə xanım hələ evdə idi. Zeynəb bacı ilə hər ikisi divanın üstündə büzüşüb oturmuşdu. Məni görərkən Şuşanik də gəldi. Bunlar Ninanın ərə getməsi səbəbilə mənim bir ixtilaf çıxaracağımdan qorxurdular. Nina onlara baxıb mənə göz vururdu. Aralıqda fırlanıb çay və yemək düzəldirdi. Gəlib mənimlə əl-ələ verdi. Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. Təhminə bunu görərkən Zeynəb bacıya deyirdi: – Sən Allah bir qızın üzünə bax! Abrına bax! Biz olsaq əriyib yerə girərdik. Utanmır da, yenə oğlanın üzünə gülür. Zeynəb də başını tərpədib dedi: – Bunlarda vəfa olmaz. Bunlar bizim millətimizlə yaşamazlar. Qardaşım daha bunun nəyinə lazımdır? Evini düzəltdi. Əynini-başını düzəltdi, adam içinə çıxartdı, bəsdir. Qıza da bu lazım idi. Şuşanik özünü saxlaya bilməyib sözə qarışdı: – Bunlar məni taxıb şişə, tutub odun üstünə, deyirlər ki, qız Arşaka ərə getməzdi, bunu eləyən Şuşanikdir. Necə ki, bayaq demişdim, indi də deyirəm, sizin bir tükünüzü yüz Arşak kimi adama verməm. Əslinə baxsan taqsır qızın özündədir. Sarıtüklülərin hamısını belə görürəm. Bunlarla bizimki tutmaz. Əgər sizə evlənmək lazımdırsa, elə qız taparam ki, gözmuncuğu kimi. Gülmək istəyirdimsə də özümü saxlayırdım. Onları sakit etmək üçün: – Mən Nina ilə sadəcə tanışam, – dedim. – Ona evlənmək istəmədim. Yoxsa qızın buna sözü yox idi. Təhminə tab gətirə bilməyib: – Bir adam ki, sevmir və evlənmək istəmir, daha nə üçün qız uşağı ilə oturub-durur? – cavabını verdi. – Məyər yalnız evlənmək üçün oturub-dururlar? Başqası ilə tanış kimi, yoldaş kimi oturub-durmaq olmazmı? – Əlbəttə ki, olmaz. Bizlərdə belə adət yoxdur. Cavan qızla oturub-durmaq və onu almayıb özgəsinə ərə vermək ayıbdır. Nina axşam yeməyi hazırlamışdı. – Yeməyi verimmi? – deyə soruşdu. Mənsə «səbir elə» dedim: – Qoy Arşak da gəlsin. Bir yerdə yeyərik. Təhminə xanım və Zeynəb bacı bunu eşidərkən acıqlı bir halda durub getdilər. Arşak gəldi. Yeməyi yedik. Gecə saat birdə Arşakla mən Ninanı evdə buraxıb çıxdıq. * * * Sərdardan təlimat almaq lazımdı. Mən onun yanına daxil olarkən o mənim üzümə baxıb acıqlı bir surətdə güldü. Bu gülüş həm qəzəbi, həm də acı bir istehzanı ifadə edirdi. Mən düşünürdüm. Əcəba, bu nə üçündü? Nə mən, nə də yoldaşlarımız Sərdarın acığına səbəb olacaq heç bir hərəkətdə olmamışıq. Səbir etdim. Səbəbini soruşmadım, çünki məhəllə nümayəndələri mücahidlərdən bəzilərinin uyğunsuz hərəkətdə olmaları haqqında şikayət etməyə gəlmişdilər. Bu cür şikayətlər çox olurdu. Sərxoşluq edən çox idi. İnqilabı öz şəxsi mənfəətinə alət edənlər də yox deyil idi. Sərdar bu kimi mücahidlərin adını yazdırdı və getmək üçün onlara icazə verdi. Bir mən qalmışdım. Sərdar bir də istehza ilə mənə baxıb sözə başladı: – Mən bilirdim ki, qadına etibar yoxdur. Xüsusən bu sarıtüklü qadınlar Təbrizi bir-birinə vurdular. Mən sənə dedim ki, ayıq ol, mən sənə tapşırdım ki, tanınmamış hər adama sirr vermək olmaz. Bu da sənin sevgili və etibarlı qızın Nina. Bizi satmamış bircə o qalmışdı. O da bizi rus konsulu Millerə satdı. – Nə olmuşdur, Sərdar? Nə eşitmisiniz? – Ninanın ərə getdiyini eşitmədinmi? – Necə ki, eşitmədim. Eşitmişəm. Sizinlə də o barədə danışmağa gəlmişəm. – İndi ki, ərə gedibdir, daha nə danışmaq? Ona cehizmi verməliyik? Görünür, qadınlarla rəftar etmək barəsində bir qədər zəifsiniz. Tez aldanırsınız. Onların yalan sevgiləri, süni göz yaşları sizin iradənizi çox tez poza bilirmiş. – Elədir, Sərdar. Mən qıza çox tez inandım. Qızın özü də inanmalı və sevimli qızdır. Zənn edirəm ki, onu Sərdarın özü də görsəydi inanardı. – Ərə gedəndən sonra yenədəmi ona inanırsan? – O da mənə inanır. Əgər inanmasaydı, mən göstərdiyim adama ərə getməzdi. – Kimə ərə getmişdir? Allah onun toyunu heç mübarək eləməsin! – Sərdar, elə deməyin. Öz yoldaşımıza vermişəm. – Kimə? Necə yəni öz yoldaşımıza? – Arşaka. Surnyansa. Onlar Aleksandropola getmək üçün konsuldan iki vəsiqə almışlar. Vəsiqələr də qoynumdadır. Bunlar qayıdıb gələndə fişəng və bomba qayırmaq üçün lazım olan maşınları da özləri ilə bərabər gətirəcəklər. Sərdar düşündü. Üzümə çox təəccüblə baxdı. Başını tərpədərək dedi: – Bu plan kimin planıdır? Bunu bilən varmı? – Heç kəs bilmir. Planı özüm qurmuşam. Bir Nina, bir Arşak, bir mən bilirəm, bir də sizə söylədim. – Çox sağ ol. Yoxsa mənim qanım qurumuşdu. Qızı lazımi qədər təmin et. Görünür ki, qəhrəman bir qızdır. Gələcəkdə o bizə daha böyük yardımlar göstərə bilər. * * * Nina ilə Arşak getdikdən iki gün sonra Ninanın bacısı belə bir teleqram almışdı: «Mərənd şəhəri ilə Culfa arasında bütün şeylərimiz, hətta vəsiqələrimiz də oğurlandı. Özüm və ərim üçün iki vəsiqə göndərməlisiniz. Vəsiqələr İran Culfasında konsul agenti Jarski cənabının ünvanına göndərilməlidir». Teleqram alınan kimi vəsiqələr göndərildi. Beləliklə, itmiş vəsiqələrdən daima Təbrizlə Culfa arasında patron və sair şeylər gətirmək üçün istifadə olunmağa başlandı. Heç bir şey oğurlanmamışdı. Bu teleqram daha iki vəsiqə almaq üçün vaxt ikən qurulmuş bir tədbir idi. Ninanın özü də Arşakla bərabər Təbrizə qayıtdı. Nina və Arşakın gətirdiyi mallar rus Culfasında Nəsrulla Şeyxovun anbarından götürülüb konsulxananın özünəməxsus nəqliyyat vasitəsilə Təbrizə gətirilmişdi. Təbrizdə cəhənnəm maşınları və böyük həcmdə bombalar qayıdıb meydana çıxardıq. Bombalardan ən böyüyünü imtahan etmək üçün bir komissiya təşkil olundu. Bomba Əmrəxiz xarabalarında imtahandan keçiriləcəkdi. Mücahidlərdən və əncümən üzvlərindən də çox adam toplanmışdı. Bomba atılanda, doğrudan da, bir cəhənnəm qiyaməti qopardı. Səsindən bütün Əmrəxiz silkələndi. Bir neçə xaraba divarın altını üstünə çevirdi. Bombalar çox müvəffəqiyyətli çıxmışdı. Bombalar Bolqariyada qayrılan bombalardan daha qüvvətli, daha təxribedici idi. Biz Sərdarın nə deyəcəyini gözləyirdik. Nəhayət, Sərdar gözlərinin tozunu sildi. Sözə başlayaraq: – Bu cür bir bəlanı insan içərisinə atmaq dindən və insafdan uzaqdır. Çox insan tələf edər. Çox da evlər dağıdar. Belələri daha qayrılmasın, şəhər içində atılması yaramaz – dedi. Nina Qafqazdan qayıdıb Millerin evinə getdikdə uşaqdan böyüyə qədər onun ailə həyatı ilə maraqlanırdı. Konsulun qadını balaca Ninanı qucaqlayıb öpdü, toylarının necə keçdiyini soruşdu. Nina çox məhzun və ümidsiz bir cavab verdi. – Ailələri çox nanəcib bir ailədir. Evi, bağçası, başqaları kimi dirriyi yoxdur. İri şəhərdə deyil, Aleksandropolun uzaq bir kəndindədir. Biz oraya getməli olsaq, mən orada bir gün də yaşaya bilmərəm. Çox yoxsuldurlar. Quru həsir üstündə otururlar. Kəndliləri mənim üstümə, başıma baxıb gülürdülər. Xüsusən Arşakın keçmişi də yaxşı deyilmiş. Konsulun ailəsi bu vəziyyətə çox təəssüf edirdi. General-konsulun özü də kabinetindən çıxıb bu söhbətə gəldi. Ninanın alnından öpdü. – Qızım, xoşbəxtliyiniz baş tutdumu? Nina artıq bir aktrisa rolunu oynamağa başlamışdı. Boğazı tutuldu. Danışa bilmədi. Əlini gözlərinə qoyub qızların məşğuliyyət otağına çəkildi. Konsulun qadını Ninanın yeni həyatını çox böyük bir təəssüflə nağıl etməyə başladı: – Gənc qızların sevgisi başlarına bəladır. İndi nə etmək olar? Sevdi, getdi. Elə bir adama getdi ki, yazıq qız onun həyatını nağıl edərkən, xəcalətindən tərləməyə başladı. Heç bir şeyi yoxmuş. Ailəsi də kübar deyilmiş. Miller başını tərpədib qadınını dinləyirdi. Papirosunu yandırıb sözə qarışdı: – Almanlarda gözəl bir məsəl vardır: qadınlar ağlından, kişilər isə gözündən tələyə düşür. Ağılsız qız gözəl gənci görürkən sevir. Onun ailəsini və həyatını əynində gördüyü şıq paltarları ilə ölçür. Sevişir və evlənir. Nəticədə bizim Ninanın düşdüyü vəziyyətə düşür. * * * Hələ mən yerimdən qalxmamışdım. Qapını vurdular. Durub açdıqda Təhminə xanımı gördüm. Nə üçün gəldiyini soruşduqda gülərək: – Gördünmü qızın başına nə bəla gəldi? – deyə cavab verdi. – Hansı qızın? – Ninanın, ağılsız Ninanın!.. – Nə oldu ki? – Nə olacaqdır. Arşakdan boşandı. – Nə üçün boşanmışdır? – Deyir ki, o arvad saxlayan deyil, gecə-gündüz kefli olur. Nə bilim nə olur. – Elə isə çox əcəb eləyibdir... Bu sözə Zeynəb bacı da gəldi. O da həmin sözləri təkrar edirdi. Nina bu söhbətləri konsulxanada da demişdi və boşandığını xəbər vermişdi. Mən Ermənistana getmişdim. Qayıtdıqda Ninanın yanına getdim. Ninadan bəzi mühüm məlumat almaq lazım idi. Konsulxanada nə kimi işlər görüldüyündən xəbərsizdik. Qaradağlıların yeni hücumları haqqında çıxan şayiələr get-gedə çoxalırdı. Mən içəri girdikdə Minasyanın qadını Şuşanik xanımı gördüm. O məni gördükdə çox sevindi. Nina evdə idi. Mən içəri girən kimi, «otur» deyə sözə başladı. – Qəribə xəbər vardır. Təbrizi yeni bir fəlakət gözləyir. Səni görmək istəyirdim. – Nə xəbər? – Rəhim xan Çələbiyanlının 1200 atlı iki alay piyada, bir neçə topla hərəkət etdiyini Əhər şəhərindən konsula xəbər vermişlər. Konsulxanadan şifrə ilə Tehrana və Peterburqa xəbər göndərildi. Ninanın yanında oturmağa vaxtım yox idi. Oradan çıxıb Əmrəxizə gəldim. Yeni xəbəri Səttar xana söylədim. Sərdar telefonla əncümənə xəbər verdi: – Mücahidlərin evlərinə buraxılması məsələsi gündəlik müzakirələrdən götürülməlidir. Sərdar telefonda kiminlə isə acıqlı danışırdı: «Hə, hə», deyə rəngi dəyişirdi. – Mən əmr edirəm ki, bir nəfər mücahid belə evlərinə buraxılmasın. Mən məsarif üçün pul taparam. Telefonla hər sözü demək olmaz. Dediyim kimi olmalıdır. Olmazsa məsuliyyət sizin öhdənizdədir. Səttar xan telefonu yerə qoyub dedi: – Bunlar hər bir şeyi ticarət və qənaət nöqteyi-nəzərindən ölçürlər. Yenə də Hacı Mehdidir. «Artıq adamları buraxmalıdır. Xalqın pulu ilə müftəxorları doyurmaq olmaz» – deyirlər. Şeytan deyir, bu alçaqları hökumət ordusunun qabağında burax, çəkil get işinə! Nə edim, namus qoymur. Sərdar lazımı adamları yanına çağırdı. Nobər, Maralan tərəfindən müdafiə hazırlığı görülməsi haqqında əmr verdi. Bağır xanla görüşmək üçün gedəcəyini söylədi. Fayton hazırdı. Mən də Bağır xanın yanına getdim. * * * Bağır xan Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim. Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı. Bağır xanın əyləşdiyi ümumi otağa girdik. Burada oturanların hamısı silahlı adamlardan ibarət idi. Bunlar əksəriyyətlə Təbrizdən və Təbriz ətrafında toplananlar idi. Qafqazdan gələnlərdən burada bir nəfər belə yox idi. Burada bir neçə yerli qafqazlılara, ata-babadan yerləşib qalan qarabağlılara rast gəldim. Səttar xan içəri daxil olanda Bağır xan ayağa qalxdı. Əl verib öpüşdülər. Orada olanların dediyinə görə bu adət iki qəhrəmanın arasında həmişə davam edirmiş. Söhbət ümumi söhbət idi. Cəbhə, səngər, silah, patron, tüfəng söhbəti idi. İstibdaddan, irticadan, çörək qiymətindən danışırdılar. Mən Bağır xana çox diqqətlə qulaq verirdim. Onun heç bir xasiyyəti Səttar xana bənzəmirdi. Səttar xan bir çoxlarından məsləhət gözlərdi. O, heç zaman özünü başqasından yuxarı tutmazdı. Bağır xan isə belə deyildi. O, hər sözbaşı «biz hamısını bilirik» deyə cavab verirdi. Başqa cavabı yox idi. Arası kəsilmədən çay və qəlyan gətirirdilər. Səttar xanla Bağır xan qalxıb xüsusi otağa keçdi. Məclisdə olanlar bir-biri ilə danışırdı. Mənim yanımda da bir mücahid oturmuşdu. O mənimlə danışmaq üçün bir yol arayırdı. – Yəqin ki, siz Təbrizə təzə varid olubsunuz? – dedi. – Xeyr, mən buralıyam! – Mən sizi birinci kərədir görürəm. – Çox da bayıra çıxan adam deyiləm. – Adınız nədir? Adımı söyləmədim. Yalnız: – Mənə «Zərgəroğlu» deyərlər, – dedim. – Belə görünür ki, ermənisiniz. – Bəli erməniyəm, bəs sizin adınız nədir? – Adım Bağır ağadır. Özüm də Salarla yaxın qohumam. – Əmisi oğlusanmı? – Xeyr! – Qardaşı oğlusanmı? – Xeyr! Çox yaxın qohumuq, özümün də xatırımı çox istəyir. – Necə qohumsunuz? – Saların dayısı arvadının baldızı oğluyam. – Çox gözəl. Sizi təbrik edirəm. Sizin də Salar cənabları kimi qəhrəman olmağınızı istəyirəm. Bəlkə də, qəhrəmansınız. – Daha nə deyim. Adam özünü tərif edəndə bir az yaxşı düşməz. Səngəri təkbaşına saxlaram. O gecə Mərənd atlılarından ikisini vuran mən idim. Amma heç kəsə demədim. Mən çox da şöhrət sevən adam deyiləm. Adamı tanıyan tanısın. Bax, görürsən ki, mən heç bir söz deməmiş, siz özünüz qəhrəman və igid adam olduğumu bildiniz. – Belə də olmalıdır. Ümumi iş yolunda çalışmalısınız, – dedim. – Görünür ki, siz bomba atansınız! – dedikdə mən düşündüm, çünki Təbrizdəki ermənilərin gürcülərin hamısı bomba qayıran və bomba atanlardır. Buna görə də Təbrizdə bu cür adamları görən kimi uzaqdan göstərib «bombaçıdır» deyirdilər. Bağır ağa hələ söhbətini bitirməmişdi. O, indi də Bağır xanı tərifləmək üçün sözünə davam etdi: – Səttar xanın yalnız adı çıxmışdır. Amma sənə sədaqətini deyirəm. Demə ki, qohumudur, tərif edir. Öz başım üçün, Səttar xan Bağır xanın dırnağı da olmaz. Sənə deyirəm ki, kişidə div ürəyi var. Kişi istəsə bu gün işi qurtarar, amma adam qırmaq istəmir. Bunun üçün də Səttar xan həmişə Bağır xanın hörmətini saxlayır və hər bir məsləhətdən ötrü yanına gəlir. Doğrudan da, Səttar xan daima Bağır xanın hörmətini saxlar və onun bəzi uyğunsuz hərəkətlərinə güzəştə gedərdi. Bunu isə Təbrizin ağır vəziyyət keçirdiyi bir halda ixtilaf törətməmək üçün edirdi. Çayı içib stəkanı yerə qoymuşdum. Stəkanı aparmaq istədikdə Bağır ağa stəkan aparan adamın qulağına bir şey pıçıldadı. Şübhəsiz ki, mənim erməni olduğuma inanmışdı. Stəkanı ayrı qoyub təmizləmək əmrini verdi. Oturub düşünürdüm. Səttar xanın məni Bağır xanla tanış etməməsi, doğrudan da, uyğunsuz bir iş idi. Buraya qədər gəlib boş qayıtmağımın da mənası yox idi. Mən bu düşüncədə ikən xüsusi otaqdan biri çıxıb yanıma gəldi. – Sizi cənab Salar yanına dəvət edir, – dedi. Özü qabaqca, mən isə dalınca getdim. O, qapını açıb məni içəri buraxdı. Yenə də qayıtdı. Salar mənə iki əlini uzatdı. Əlimi sıxandan sonra barmaqlarını dodaqlarına və başına qoydu. Yer göstərdi: – Buyurun, əyləşin. Sərdarın qonağı bizim də möhtərəm qonağımızdır. İndiyə qədər görüşmədiyimizdən təəssüf edirəm, – dedi. Sonra Salar lazımı məsələyə keçib yenə də ümumi salondakı sözlərini təkrar etməyə başladı: – Ağa, biz hamısını bilirik. Biz bilirik ki, düşmənimiz yatmamışdır. Səttar xanın dilindən heç vaxt yoldaşlarla danışdıqda ağa sözü çıxmazdı. Səttar xan məni ikinci dəfə Salara tanış verdi. Salar isə yenə də eyni sözləri təkrar edirdi. – Sərdarın əziz qonağı bizim də əziz qonağımızdır. Salar heç vaxt mən-mən demirdi. O, həmişə kübarlara məxsus bir ifadə ilə sözünü «biz» kəlməsi ilə başlayırdı. Saların imarət və əşyası, qəbul və danışığı tamamilə bir İran əsilzadəsini andırırdı. Burada gördüyümü Səttar xanın dairəsində görməmişdim. Görüşüb çıxdıqda Bağır xan mənə bir Almaniya süvari beşatılanı bağışladı. Mən isə əvəzində ona yüngül rus nağanı bağışladım. Çox xoşuna gəldi. O, həmişə ağır mauzer gəzdirirdi. Qapıdan çıxdıqda daha ümumi salona girməyib başqa qapıdan çıxdıq. Sərdar onun hərəkətindən daima narazı olduğu kimi, indi də razı qalmamışdı. «Bu adam düzəlməz», – deyə atına minmişdi. * * * Rəhim xan Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı. Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar. Rəhim xanın qorxusu bir çoxlarını şaşırmışdı. Adamlarda əski ruh yüksəkliyi görünmürdü. Ninanın məni axtardığını Həsən ağadan eşitdim. Gün batan vaxtı vuruşmalar qismən sakit olmuşdu. Bir az fürsət əldə etdiyimdən Ninanı görmək və nə üçün məni axtardığını bilmək üçün Minasyanın evinə getdim. Ninanı böyük həyəcan içərisində gördüm. O, qorxa-qorxa dedi: – Vəziyyət getdikcə xarablaşır. Bu saat Hacı İbrahim sərraf, Hacı Məhəmməd tacirbaşı və bir neçə başqaları konsulxanadadırlar. Onlar Bağır xanı təslim olmağa razı etmişlər. Bağır xan rus konsulunun aman bayrağını qəbul etmişdir. Bağır xan bütün məhəllənin silahını yığıb tacirbaşıya təslim etmişdir. Nina ilə vidalaşıb çıxdım. Birbaş Səttar xanın yanına getdim. Bu xəbərləri ona söylədikdə inanmadı: – Salar heç vaxt bu xəyanəti etməz. Heç də inana bilmirəm. Mən hələ Səttar xanın evindən bayıra çıxmamışdım. General konsul Millerin Sərdarı görmək üçün gəldiyini xəbər verdilər. Sərdara konsulun bu məsələ üçün gəldiyini söylədim. Biz başqa otağa keçdik. Konsul öz mütərcimi, bir də iki-üç nəfər hərbi xidmətçisi ilə Səttar xanın otağında danışırdı. Sonradan konsulun bir təslim bayrağı da Səttar xan üçün gətirdiyini və Səttar xan tərəfindən rədd edildiyini bildik. * * * Təbriz müharibəsi kəskinləşirdi. Bağır xan Səttar xanın bu ciddi hərəkətini gördükdə təslim bayrağını rədd etmiş və öz səngərlərini yenidən möhkəmləndirməyə başlamışdı. İnqilab əleyhinə çalışan və «islamiyyə» təşkilatını quranların qol-qanadı açılmışdı. Nina bunların Rəhim xan və konsulxana vasitəsilə Məhəmmədəli şaha sədaqət teleqrafları göndərdikləri xəbərini verərkən, teleqramları poçt-teleqraf idarəsindən gətirmək üçün Səttar xan təcili olaraq bir neçə atlı göndərdi. Teleqramlar gətirildi. Burada Rəhim xanın Təbrizi qurtarmıq üçün gəlməsinə qarşı padşaha təşəkkür edirdilər. Teleqramda Mir Haşım imamcümə, Mirzə Kərim, bir də Mirzə Möhsünün imzaları vardı. Mübarizə çox şiddətli gedirdi. Qaradağ hücumunu rədd etmək və Təbriz inqilabını bu şaşqın vəziyyətdən qurtarmaq üçün Qafqaz sosial-demokratları, xüsusən Bakıdan gələn işçilər bir an təxir etmədən çalışırdılar. Bakı işçiləri yerli xalqın həyatını çox gözəl bilirdi. Onlar yerli mücahidlərlə əlbir əşləmək üçün yaxşı vəziyyət yarada bilirdilər. Son vuruşmaların ağırlığı Səttar xan və onun ətrafında toplanmış sosial-demokratların üzərində idi. Bağır xana heç də etibar etmək olmurdu. Onun tərəddüd göstərməsi Xiyaban səngərlərinin düşmənə qarşı lazımi müqavimətdə olmaq ümidini vermirdi. Səttar xan bu xüsusda heç də xatircəm ola bilmirdi. Onun gecə səhərə qədər yatmadığı və səngərləri gözdən keçirdiyi də görünürdü. İşin ən ağır və ən çətin yeri bunda idi ki, Xiyaban səngərlərini nəzarət altına almaq üçün Bağır xan kimsəyə ixtiyar vermirdi. O bunu özünə qarşı etimadsızlıq hesab edirdi. Bağır xan daim: – Mən öz səngərlərimi saxlamaqda aciz deyiləm. Mənim özümün qüvvəm də vardır, – deyə hər bir nəzarəti rədd edirdi. Buna baxmayaraq, Səttar xan yenə də «Saları könlüm istədi» və ya «Salardan nigaran qaldım» – deyə Xiyaban, Göyməscid tərəflərini tez-tez gözdən keçirirdi. * * * Təbriz qadınları Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi. İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı. – İnqilabi qanunlar həyata keçirilmir. Xalq onunla heç də hesablaşmır. Bu, inqilabın zəifləməsinə və inqilab mübarizlərinin ehtiyac içində yaşamasına səbəb olur. – Bunu siz kimdən eşitdiniz? – Bunu ən avam bir qadından da soruşsan deyə bilər. Sizin sözünüzə baxan yoxdur. – Nə olubdur? Nəyi avam qadın deyə bilər?! – Ehtiyacı, fəlakəti, acığı. Bunu hətta bizim Zeynəb də çox yaxşı bilir. – Mən çox şad olardım ki, Zeynəb bacı kimi Təbriz qadını inqilabı bu qədər dərindən düşünə biləydi. Təəssüf edirəm ki, hələlik bunu görmürəm. – Buna səbəb yenə də kütlənin qabağında gedənlərdir. Onlar heç vaxt qadınlar arasında iş aparmamışlar. Dur pəncərənin qabağına gəl! Nina qolumdan tutub pəncərənin qarşısına gətirdi: – Bax, bu gedən müsəlman qadınları nəçidir? – deyə soruşdu. – Örtülü qadınlardır. Onların nəçi olduğunu heç kəs deyə bilməz. – Bunlar, üzüörtülü, ayağında torba olan bu qadınlar haman inqilab mübarizlərinin anaları, bacıları və qadınlarıdır. Bunların ərləri hökumət ordusu əleyhinə mübarizə edir. Özləri isə əks-inqilab ordusu üçün buradan şərab və araq daşıyırlar. Nina sözünə davam edərək: – Buna da səbəb sizsiniz, – dedi. – Mücahidləri təmin etmirsiniz. Onların ailələri özlərini bu kimi bir həqarətlə təmin etmək istəyirlər. Bunlar Zeynəb kimilər, Təhminə kimilərdir. Bunların ailəsi acdır. Bir mücahidin qadını olan Zeynəb bu kimi nöqsanlar haqqında olduqca mənalı və təsirli sözlər danışırdı. – Zeynəb nə deyə bilər? O, məscid və hamam söhbətindən başqa nə danışa bilər? – Belə deyil. Ən avam bir adam ən böyük bir kütlənin üzvüdür. Kütləyə hər bir şey aydındır. Siz varlılardan pul toplaya bilmirsinizmi? – Haradan bilirsən? – Mənə Zeynəb hər şeyi deyir. Zeynəb Ninanın ev qulluqçusudur. O, gəncdir. Bir oğlan uşağı doğmuşdur. Ərə getdiyi beş ildir. Mən Zeynəbi heç vaxt danışdırmamışdım, hətta onun şad olduğu vaxtını da görməmişdim. Nina onun ən fağır, ən ac bir qadın olduğunu mənə neçə kərə söyləmişdi. O məndən gizlənmirdi. Fəqət yaşmağı ağzından götürdüyü də yox idi. Zatən bircə Zeynəb deyil, Təbriz qadınları, ümumiyyətlə, mövhumata yabançıdırlar. Zeynəbin təmizliyi, evdarlığı, nəzakəti çox yüksək bir dərəcədə idi. Mən onun ailə həyatını öyrənmək üçün vaxt tapa bilməmişdim. Bu mənim ağlıma da gəlməmişdi. Ninanın Zeynəb haqqında dedikləri məni xeyli maraqlandırdı. Nina Zeynəbi çox sevirdi, onu öz gözü kimi bəsləyirdi. Zeynəbdən azərbaycanca danışmağı öyrənirdi. Zeynəbin dördyaşlı oğlu Məcid çox zaman gecəni də Ninanın yanında keçirirdi. Zeynəb samovarı gətirib masanın üstünə qoydu. Məcid də divanın üstündə oturub ayaqlarını oynadırdı. O özünü bizə sevdirmişdi. Nina ondan tez-tez: – Məcid, sən nəsən? – deyə soruşurdu. – Mücayib! – deyə cavab verən Məcid bizimlə bərabər gülməyə başlayırdı. Sonra əlindəki konfet parçasını zorla Ninanın ağzına soxub «bir az dişlə!» – deyə ayaqlarını divana çırpırdı. Zeynəb samovarı qoyduqdan sonra Məcidi alıb bayıra çıxmaq istədi. Mən ona oturmağı təklif etdim. – Oturun, Zeynəb bacı! – dedim. Zeynəb təəccüblə üzümə baxdı. Yəqin ki, o mənim azərbaycanlı olduğumu bilmirmiş, çünki onu birinci dəfə dindirirdim. Zeynəb başındakı şalını ağzının üstünə endirib yaşmağını düzəltdi və qızarıb dedi: – And olsun Allaha, mən sizin müsəlman olduğunuzu yalnız indicə bildim. Alış-verişçi olduğunuzu bilirdim. Amma Nina bacı sizin müsəlman olduğunuzu mənə deməmişdi. Müsəlmana da oxşadırdım. Amma soruşmağı ayıb hesab edirdim. – Eybi yoxdur, Zeynəb bacı. Bu cür şeylər çox olur. İnsan birdən-birə tanış ola bilməz. – Hərgah Cavad ağa bilsəydi məni heç vaxt müsəlman evində qulluq etməyə buraxmazdı. Təbrizdə belə adət yoxdur. Bura camaatının xasiyyəti çox pisdir. – Zeynəb bacı özün bir doğrusunu söylə. Siz indiyə kimi bizdən bir fənalıq görmədiniz ki? – Allah eləməsin. Mən sizdə gördüyüm hörməti, azadlığı heç kəsdə görməmişəm. – İndi ki, bu hörməti heç kəsdə görməmisiniz, daha müsəlman oldu, başqası oldu, sizin üçün nə fərqi vardır? Siz də, Nina da qadınsınız. Sizin aranızda heç fərq vardırmı? – Əlbəttə, yoxdur, ay qardaş, mən elə bilirdim ki, siz də Nina bacının məzhəbindənsiniz. Amma bununla bərabər sizi öz qardaşım kimi sevirdim. Yaxşı oldu ki, şübhədən çıxdım. Amma nə eləmək olar, qaydanı belə qoyublar. Ya gərək xalqın içindən çıxasan, ya da ki, xalq gedən yol ilə gedəsən. – Zeynəb bacı, xalq gedən yol ilə getmək olmaz. Xalqın getdiyi yol sizi yenə də çarşabdan çıxmağa qoymaz. – Əslinə baxsan, mən adət-zad sevən deyiləm. Amma Cavad bir az qısqanır. Hətta mənim Dəllaləzəndə gedib şey satmağıma da razı olmadı. – Cavad ağa nə iş görür? – Eh nə iş görəcək. Bir parça çörəkdən ötrü başını küt bıçağa çəkir. Amma nə fayda ki, çörək də çıxmayır. – Harada çalışır? Doğrusunu desəm, yenə də bədbəxt olacağam. – Nə üçün? – Bəlkə, acığınız gəldi. – Zeynəb bacı, bu nə sözdür? Acığım niyə gəlsin? – Hər yerdə ki, qulluğa girmişəm yalnız ərimin adını bilənə qədər qulluq eləmişəm. – Əcəba, sizin əriniz quldurmu, canimi və ya oğrumu? – Heç birisi deyil. O, fağır, nəzakətli, rəhimdil bir gəncdir. Amma indiki işi heç kəsin xoşuna gəlmir. Alış-verişçilər və varlılar mücahidləri görmək istəmir. Siz də alış-verişçisiniz. Qorxuram ki, Cavad ağa mücahid olduğu üçün məni evdən qovasınız. – Zeynəb bacı, bu nə sözdür. Əvvələn biz çox da böyük tacir deyilik. İkinci, mücahidləri sevirik, çünki onlar öz haqlarını əldə almaq yolunda mübarizə edirlər. Onların cərgəsində çox sevimli və səmimi adamlar var. – Cavad ağa sevimli və səmimi olduğu üçün də bizi bu günə qoydu. Bizim evimiz, eşiyimiz var idi. Hamısı dağılıb getdi. Gərək Cavad ağa o rəhmətlik qafqazlı ilə heç də tanış olmayaydı. – Necə qafqazlı? Cavad ağa onu harada görmüşdü? – Bunu sizə nağıl etsəm başınızı ağrıdaram, çünki çox uzundur. – Eybi yoxdur, Zeynəb bacı, nağıl elə! – Cavad ağanın rəhmətlik atası da bir yoxsul adam idi. Hacı Mir Məhəmməd gəcpəzin yanında gəc döyərdi. Cavad ağa çayçı dükanlarına su daşıyırdı. Babadan qalma bir həyətləri var idi. Mən ərə gedəndə – bağışlayasınız – rəhmətlik sağdı, babat dolanırdıq. Elə ki, kişi Allahın rəhmətinə getdi, külfət töküldü Cavad ağanın üstünə. Çox korluq çəkdik. Axırda evimizdən bir otaq ayırıb bir nəfər qafqazlıya verdik. Bir neçə həftədən sonra o, bizimlə lap birevli kimi olmuşdu. O, çox gözü, könlü tox adamdı. Çox vaxt xərci də özü çəkərdi. Cavad ağa ilə qardaş kimi dolanırdı. – Adı nə idi? – Doğrusunu axtarsan, rəhmətlik nədənsə adını düz deməzdi. Gündə bir ad deyərdi. Son zamanlar Cavad ağanı su daşımağa da qoymadı. Deyirdi ki, gərək sən savadlanasan, yoxsa su daşımaq bir sənət deyil. Hər gün Cavad ağa onun otağına girib dərs oxuyardı. Bir neçə həftədən sonra 6 nəfər də başqa su daşıyan dərsə gəldi. Haman qafqazlının özünün kitabları da vardı. Dərsi haman kitablardan nağıl eləyərdi. Bir də gördük ki, Cavad ağa da, yoldaşları da tüfəng götürüb mücahid olublar. Daha demə ki, bu qafqazlı inqilabçı bir adam imiş. Bu əhvalatı dəvəçilər eşidəndən sonra gəlib evimizi odladılar. Nə yaxşı ki, nə qafqazlı oğlan, nə də Cavad ağa evdə deyildi. Yoxsa onların özünü də öldürəcək idilər. Mən quru canımı, bir də Məcidi götürüb evdən çıxdım. Rəhmətlik qafqazlı oğlanı bizə təzə ev kirayə elədi. Birtəhər başımızı çəkib oturmuşduq. Amma mən o qafqazlını heç vaxt yadımdan çıxarmaram. Hərgah acığınız gəlsə deyəcəyəm. Mən hələ o cür yaxşı adam görməmişəm. Nə qədər sağdı, heç korluq çəkmirdik. Əlinə düşəni gətirib bizə verirdi. Cavad ağanın yoldaşlarına da əli uzanardı. – O harada öldü? – Onu Maralan davasında qaradağlılar öldürdü... Zeynəb bunu danışdıqda çarğatı ilə gözünü sildi və sözünə davam edərək: – Hələ də kağızları, dəftərləri evdə qalır, – dedi. – Harada basdırılmışdır? – Ölüsünü başqa ölənlərdən ayırmaq olmadı, çünki səngərə top gülləsi düşüb oradakı adamları bir-birinə qarışdırmışdı. Hamısını bir yerdə basdırdılar. Onu mən həmişə xatırlayacağam. Onun anası, bacıları, hətta arvadı da varmış. İki uşağının şəkli həmişə qoynunda olardı. Heç olmasa saatda iki-üç dəfə o, şəklə baxardı. Bayıra gedəndə qoynuna qoyub aparardı! – Zeynəb bacı, bəs Cavad ağa nə iş görür? – Nə iş görəcək? Gecə-gündüz tüfəng əlində səngərdədir. Günlərlə üzünü görmürəm. Bir aydan bəridir ki, Məcidi görməmişdir. Yeməyi də buradan aparıram. Səngərdə otururam, xörəyi yeyəndən sonra qabları yığışdırıb gətirirəm. – Zeynəb bacı, onlara necə baxırlar, o, razıdırmı? – O, çox razıdır. Bu işi sevir. Amma iki aydır ki, maaş almır. Heç şey ala bilmir. Hərgah mən qulluq etməsəm onun özü də ac qalar. – Nə üçün pul vermirlər? – Haradan versinlər. Dövlətlilərdən pul almaq mümkündürmü? Hər kimə qəbz aparırsan söyüb qaytarır. Nə eləmək? İşi başlayıblar, yarımçıq qoya bilməzlər. Gedib qulluğa girərəm, onu da vermirlər, çünki mücahid arvadıyam. Hətta Hacı Mehdi ağa da bunu dedi. – Hansı Hacı Mehdi? – Küzəkünani! Əncüman Hacı Mehdi. İnqilabçı Hacı Mehdi. – Zeynəb bacı, Hacı Mehdinin sizə belə bir sözü deməsinə heç də inana bilmirəm. Onun inqilabçılığını hər kəs tərifləyir. – Əvvəl biz də elə bilirdik. Elə ki, bir həftə evində qulluq elədim, onda bildim ki, hansı quşun yumurtasıdır. O cür adama heç inqilabçı demək olmaz! – Necə adamdır ki? – Qorxuram danışmağa. Cavad ağa da tapşırıb ki, bir adama demə. Gedər qulağına yetişər. Onda gərək biz Təbrizdən baş götürüb gedək. – Zeynəb bacı, qorxma. Biz hara? Əncümən hara? Hacı Mehdi hara? Ona kimdir gedib xəbər verən? – Məni onun evinə qulluq üçün aparan Təhminə xanım oldu. O bizim korluq çəkdiyimizi bilirdi. Mən çoxdan bəri qulluq axtarırdım. Amma Cavad ağa buna razı olmurdu. O deyərdi ki, mən yar-yoldaşımın yanında xəcalətli olaram. Axırda gördü ki, uşaq da acından öləcəkdir. Ondan sonra razı oldu. Təhminə xanım gedib Hacı Mehdinin arvadına bir nəfərin ev qulluqçusu olmaq istədiyini demişdi. Arvad cavab vermişdi ki, gətir görüm necədir və necə adamdır. Səhər tezdən Təhminə xanım məni özü ilə bərabər apardı. Təhminə xanım mənə yolda bir neçə söz tapşırdı. Dedi: – Əvvələn budur ki, ərli olduğunu boynuna almazsan. İkincisi də deməzsən ki, uşağım vardır, çünki varlı evlərində nə ərli, nə də uşaqları olan arvadları işə götürməzlər. Bu sözlər mənim yadımda qalmışdı. Bizi içəri buraxmırdılar. Təhminə ev qulluqçusu gətirdiyini xəbər verdi. Bizi içəri buraxdılar. Nökərlər məni təpədən-dırnağa qədər süzdülər. Çox danışdılar. Amma hamısını eşitmədim. Ancaq bunu eşitdim ki: – Ədə, Məmmədəli, yerişi ki, yaxşıdır. Birinci həyətdən keçib getdik. Bu həyət kişi qonaqları üçün qayrılıbdır. İkinci həyətdə hacının arvad-uşağı olurdu. Bu həyət bir qalaça kimidir. Quş quşluğu ilə qanad sala bilməz. Həyətdə arvad qulluqçusu qıvır-qıvır qaynayırdı. Biz ikimiz də pilləkən başında oturduq. Qulluqçulardan biri gedib hacının xanımına xəbər verdi. Xanım eşiyə çıxdı. Xanım, amma nə xanım! Boğazının əti əmcəklərinin üstünə, əmcəkləri də qarnının üstünə düşübdür. Mənə tərs-tərs baxdı. Təhminə xanım baş əydi və dedi: – Xanım, siz buyurduğunuz ev qulluqçusunu gətirmişəm. – Üzünü açsın görüm! Mən üzümü tərləyə-tərləyə açdım. – Çarşabı sal yerə! Çarşabı da yerə saldım. Xanım o tərəf-bu tərəfə keçib, məni ayağımdan başıma qədər gözdən keçirdi. Mən belə bir işi Cavad ağadan mənə elçi gələndə görmüşdüm. Xanım məni gözdən keçirəndə haman elçinin də məni gözdən keçirməsi yadıma düşdü. Xanım o tərəf-bu tərəfimi, hətta əllərimi topuqlarımı nəzərdən keçirəndən sonra yanındakı arvada tərəf dönüb dedi: – Şərəfnisə, əqlin nə kəsir? Deyəsən, düz-əməlli adama oxşamır. Şərəfnisə mənə diqqətlə baxdı. Cavab verməzdən əvvəl Təhminə xanım danışdı: – Düz-əməlli adam olduğu haqqında heç bir söz ola bilməz. Zatı, südü məlum adamdır. Tayfası da nəcibdir. Xanım dodaqlarını büzdü: – Pay! Nəcibdir. İndiyə kimi bir nəfər də olsa nəcib ev qulluqçusuna rast gəlməmişəm. Şərəfnisə sözə qarışaraq dedi: – Bir həftə qalsın görək necədir, indidən heç bir şey demək olmaz. Xanım bu sözlə razılaşdı və məndən soruşdu: – Ərli deyilsən ki? Xeyr, xanım, ərim yoxdur. Üç ildir ki, ölübdür. – Uşağından-zadından nəyin vardır? – Heç kəsim yoxdur. Heç doğmamışam da. – Yatmağa yerin vardırmı? – Bəli, xanım varımdır! – Bir dəst paltar verəcəyəm. Yeməyin də buradandır. Burada yeməsən, evə də apara bilərsən. Mən buna razı oldum, çünki evə apardığım yeməklə Məcidin və Cavad ağanın da yeyib yaşaya biləcəyini ümid edirdim. Ancaq belə olmadı. Evə aparılan şey yalnız bir adamı görürdü. Mən burada birtəhər qarnımı yarı-yarımçıq doydurub evə apardığım payımı Cavad ağa və Məcidə yedirirdim. Xanım bu şərti kəsəndən sonra aşpazxanadan birisini çağırdı: – Gülara, apar buna iş ver! Gülara məni aşpazxanaya aldı. Təhminə xanım qayıdıb getmişdi. Mən çarşabımı götürüb şəritdən asdım. Qollarımı çırmadım. Nə iş görəcəyimi bilmirdim. Aşpazxana çox böyükdü. İri qazanlar asılmışdı. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. Mən əvvəl elə bildim ki, bu gün hacının qonaqlığı vardır. Amma məsələ belə deyilmiş. Hacının aşpazxanasında hər gün bu cür xörək bişirmiş. Gülara xanımın inandığı qulluqçulardan idi. Aşpazxananın hər bir ixtiyarı onda idi. O mənə birinci gündən bu vəzifəni vermişdi: özü ilə bərabər anbara aparıb düyünü ölçüb torbaya tökərdi. Mən onu bir nəfər də Gülsüm adlı qoca qulluqçu ilə arıdardıq. Bu işi qurtarandan sonra soğan doğrayar və su daşıyardım. «İnqilabçı» hacının anbarı bütün məhəllənin camaatını neçə illər doyura bilərdi. Düyüsünü iki il yesə qurtarmazdı. Düyülərin bir çoxuna bit düşübdür. Buğdasını, ununu anbarlar tutmur. Hələ yenə də üstünə gəlirdi. Axşamlar, demək olar ki, plovdan çox artıq qalırdı. Mən buna əvvəlinci gün sevindim. Yaxşı pay aparacağımı düşündüm. Amma məsələ belə deyilmiş. Artıq qalan plov hacının kişi nökərlərinə verildi. Arvad qulluqçuları üçün heç bir şey qalmadı. Qulluqçular qonaqların qabağından qayıdanı gözləyirdi. Gülara və iki nəfər də aşpazın hər birisi özü üçün bir böyük nimçə yağlı və ətli yerindən ayırıb kənara qoymuşdu. Məcməyilər qonaqların yanından qayıtdı. Xörək çox qalmışdı. Hamıya yetərdi. Amma bunu da aşpazxana qulluqçularına vermədilər. Nimçələrdə qalan plovları və ətləri təmizləyib həyətdə duran nökərlərə və qarovullara verdilər. Sonradan məlum olduğuna görə, bunların heç biri maaş almırmış. Qalan plovları hər gün nimçələrlə aparıb bazarda satırmışlar. Pullarını isə aşpazxana müdirəsi Gülara ilə birlikdə bölüşürmüşlər. Biz hələ durub baxırdıq. Bizə nə veriləcəyindən xəbərim yox idi. Axırda əllərdən tökülüb xonçalarda qalmış düyüləri və ətli sümükləri bir yerə toplayıb hər kəsin saxsı çanağına bir az yığdılar. Mən də evdən apardığım saxsı çanağı irəli tutdum. Mənim də payımı verdilər. Bir neçə gün belə keçdi. Hacı tez-tez aşpazxanaya gəlib Gülaraya bəzi sifarişlər verirdi. Hacının mənə tərs-tərs baxdığını, döşlərimi və qıçlarımı gözdən keçirdiyini hiss edirdim. Hacı ara-sıra Gülara ilə pıçıldaşıb mənə baxırdı. Son günlər Gülaranın da mənə qarşı münasibəti dəyişmişdi. Çox ağır işlərə göndərmirdi. Axşamlar payımı da xörəyin yaxşı yerindən verirdi. Mənə etimadın artdığını da hiss edirdim. Məni düyü gətirmək üçün anbara tək göndərirdi. Ancaq axır günlərdə mən bunun səbəbini anladım. Bu, hacının tədbiri idi. Hər gün mən anbara gedəndə hacı dalımca anbara gəlirdi. Bir gün anbarda idim. Hacı gəldi. Əlini başıma çəkdi: – Səni Gülaraya tapşırmışam. Sənin həyatını nəzərə almışam. Heç vaxt səni başqaları ilə bərabər tutmayacağam, çünki sənə xanımlıq yaraşır, – dedi. Mən utandım, heç bir söz demədim. Axırda o, yenə də mənə belə bir sual verdi: – Çox yaxşı, buna sən özün nə deyirsən? – Hacı, mən nə deyə bilərəm. İndi ki, siz fəqirlərin halını nəzərə alırsınız, daha mən buna nə deyə bilərəm? – dedikdə, o, əlini mənim döşlərimə atdı. – Yox, belə deyil, mən istəyirəm ki, sən daha fəqir olmayasan, – dedikdə mən özümü itirmişdim. Nə deyəcəyimi bilmirdim. O, danışdıqca mənim döşlərimi sıxırdı. Mən qapıdan çıxmağa çalışırdım. O, qapını kəsib məni buraxmaq istəmirdi. O, həmişə bir sözü təkrar edirdi: – Sən söz ver ki, Gülara deyəni qəbul edəcəksən. Çarə yoxdu. Anbardan çıxıb canımı qurtarmaq üçün bir söz söyləməli idi. – Hər işin bir qaydası vardır. İndi ki, hacının belə bir fikri vardır, mənim nə sözüm ola bilər? Amma hacı da məni abırdan salmasın, çünki biri gəlib məni anbarda görərsə, daha mən adam arasına çıxa bilmərəm, dedikdə hacı sevindi və əlavə etdi: – Demək ki, sən razısan. – Əlbəttə, razıyam. – Elə isə Gülaraya razılıq ver, o, hər şeyi düzəldir, – dedi. Sonra mən düyü torbasını arxama atdıqda o kömək eləmək bəhanəsi ilə torbanı arxama qaldırdı, yenə də döşlərimi sıxdı. Mən bayıra çıxdım. Saçım dağılmış, rəngim qızarmışdı. Aşpazxanadakılar mənə baxıb gülür və bir-birinin qulağına nə isə pıçıldayırdılar. Mən soğan doğramağa oturdum. Gülsüm mənə baxıb ah çəkdi. – Yazıq Zeynəb, – dedi, – sənin başına gətirmək istədiklərini vaxtilə mənim rəhmətlik anamın da başına gətirmişdilər. Hacının atası anamı siğə elədi. Mən ondan doğuldum. Anam ölənə qədər aşpazxanada qulluq elədi. Mən də aşpazxanada böyüdüm. Hacı atasından sonra məni özünə bacı hesab edib evə buraxmadı. Sənə də yazığım gəlir. Bu həyasız Gülaranın sözünə baxma. O sənin kimi bir çoxlarını bədbəxt edib. Xüsusən iş belə aşkara düşdükdən sonra hacının xanımı da səni incidəcəkdir. Mən haman gün necə işlədiyimi bilmədim. Axşam evə getdim. Kimə deyim? Cavad ağa da cavandır. Desəydim gedib bir əngəl çıxaracaqdı. Nə etmək, biz ki, hacının tayı deyilik. Heç bir söz demədim. Sabah işə gəldikdə Gülara məni anbara apardı və dedi: – Görünür ki, sən xoşbəxtsən. Hacı səni bir könüldən min könülə sevibdir. Bu gün deyirdi ki, «onun dərdindən yata bilmirəm». İndi bunu bir sən biləcəksən, bir də mən, bir hacı, bir də Allah. Sənin heç işin yoxdur. Mən özüm hər şeyi düzəldərəm. Mən cavab verməzdən əvvəl çox düşündüm. Nə cavab verim? Çıxsam ac qalacağıq. Qalsam da abrım gedəcəkdir. Bir qədər sükut etdim. – Eybi yoxdur. Mən də yerdə göyərməmişəm. Mənim də qohum-qardaşım vardır. Onlarla məsləhətləşərəm, – dedim. Gülara tələsik soruşdu: – Bəlkə, onlar razı olmadılar, onda necə olsun? – Razı olarlar. Onlar məni hacıdan artıq kimə verəcəklər? – İndi ki, belədir, eybi yoxdur. Amma tez olsun, çünki hacı məni tələsdirir. Bir neçə gün də «bu gün-sabah» deyə yola verdim. Günün birində Cavad ağanın bacıları və anası Hökumvara yonca və qazayağı yığmağa gedəcəkdilər. Məcidi tapşırmağa adam tapmadım. Yanımca işə aparmağa məcbur oldum, çünki bir gün əvvəl onlar yoncaya gedəndə Məcidi də aparıb uşağı soyuğa vermişdilər. – Onlar yoncanı nə üçün yığırlar? – Qaynadıb, duzlayıb yeyirlər. Amma yoncanı da yığmağa zəmi sahibləri qoymur. Hər kəs getsə, oğurlamalıdır. Özü də gecədən getməlidir. Bunun üçün də uşağı onlara qoşmaq heç də mümkün deyildi. Çarəsiz qalıb uşağı yanımca apardım. Birinci həyətdən ikinci həyətə keçəndə hacının xanımı uşağı yanımda gördü. Tələsik bir halda: – Ay qız, o kimin uşağıdır? – deyə soruşdu. Mən isə cavabımda: – Bacımın uşağıdır. Ağladı, əl çəkmədi. Yanımca gətirməyə məcbur oldum. Daha dinmədi. Keçib işə getdim. Ürəyim çox rahatsız idi. Uşağı gözdən qoymurdum. Bir söz danışacağından və işin üstü açılacağından qorxurdum. Hərçənd uşağa tapşırmışdım. Amma yenə də ürəyim sakit olmurdu. Biz Gülara ilə anbara getmişdik. Qayıdanda Məcidi Şərəfnisənin qucağında gördüm. Uşaq danışırdı. Şərəfnisə ondan soruşdu: – Kimin oğlusun? – Cavad ağanın. – Atan nə iş görür? – Mücayibdir. – Nənəyin adı nədir? – Zeynəb! – Haradadır? Məcid barmağı ilə məni göstərdi. – Odur, bax! Əlində torba gedir. Mən özümü itirmişdim, nə olacağını bilmirdim. Hər halda xanımı aldatmağımın yaxşı nəticə verməyəcəyini bilirdim. O günü işlədim. Səhər tezdən işə gəldim. Gülara üstümə çığırıb dedi: – Əl-ayağa dolaşırsan. Bir iş də bacarmırsan. Yediyin xörəyə dəyməzsən. Bu sözü eşitdikdə bütün aşpazxana xalqı altdan-altdan gülürdü, çünki onlar məsələnin nə yerdə olduğunu anlayırdılar. Mən quruyub qalmışdım. Hacı da gəlib aftafanı götürdü, mənə acıqlı baxıb getdi. Mən də heç bir iş görmürdüm. Gülara mənə iş vermirdi. Bir azdan sonra Şərəfnisə gəlib məni aşpazxanadan çağırdı. Mən xanımın yanına gedəndə, o, yanını pəncərənin arasına qoyub oturmuşdu. İki arvad dalında durub onun saçlarını hörürdü. Məni görən kimi başqa söz demədi: – Çıxart köynəyi qoy yerə. Mən dedim ki, ev qulluqçusu heç vaxt nəcib olmaz. Məni aldatdın. Səni bu evdə qoymaq olmaz, çıxart köynəyi! Bir söz demədim. Aşpazxanaya qayıdıb verdikləri köhnə köynəyi çıxartdım. Çarşaba büründüm. Amma yenə də ətim görünürdü, çünki çarşabım yırtıq idi. Köynəyi götürdüm. Bayıra çıxanda dalımca ağlayanlar da vardı, gülənlər də vardı. Hacının sevgili siğələri mənə gülürdü. Hacının bacılığı Gülsüm isə ağlayırdı. Mən çıxanda Gülsüm məni səslədi: – Zeynəb bacı, gəl qabı da apar. Burada qoyma! – dedi. Yemək gətirmək üçün apardığım saxsı qabı qoltuğuma vurub daha arxaya baxmadım. Köynəyi xanımın qulluqçusu Şərəfnisəyə verdim. Getdikdə xanımın səsini eşitdim: – Get, səni Səttar xan geyindirsin. Bizə mücahid arvadı lazım deyil. Evə gəldim. Heç zad yox idi. Məcidə Cavad ağanın bacıları qaynanmış ot yedirmişdilər. Cavad ağaya aparmağa bir şey yoxdu. Səngərə əliboş getdim. Bütün əhvalatı söylədim. Çox ağladım. Cavad ağa məni sakit etdi. «Dünya belə qalmaz» deyə təsəlli verdi. Yoldaşlarına kifayət qədər yemək gətirmişdilər. Onlar ikimizi də doyurdular. Bir parça çörək də Məcid üçün gətirdim. Zeynəb bacı bunları danışdıqdan sonra əlini masaya vurub sözünə davam etdi: – İndi Allaha şükür olsun ki, həyatdan çox razıyam. Heç narazılığım yoxdur. Bir narazılığım varsa, o da Hacı Mehdi kimi adamların inqilabçı adını daşımasıdır. – Zeynəb bacı, mən də ümid edirəm ki, bunlar düzələcəkdir. Həmişə belə qalmaz. Zeynəb bu söhbətində mənim heç ümid etmədiyim və inana bilmədiyim bir çox şeyləri mənə xəbər verdi. Ninanın bütün dediklərini təsdiq etməyə məcbur oldum. Məcid yuxulamışdı. Aparmaq mümkün deyildi. Nina Zeynəbi yanında saxlamaq istəyirdi. Zeynəb bunu rədd etmək üçün bəhanə gətirirdi. – Bəlkə, gecənin bir zamanı Cavad ağa evə gəldi. Məni evdə görməsə acıqlanar. Xüsusən Məcidi neçə gündür ki, görməyibdir. Heç də yaxşı olmaz. Məcidi yuxudan oyatmağa məcbur olduq. Onu təzədən yedirdik. Sakit olandan sonra Zeynəb bacı onu dalına alıb evlərinə apardı. Biz Nina ilə danışıb Təbriz qadınlarının nə qədər bacarıqlı və fikriaçıq olduğunu təsdiq edirdik. Mən ayağa durub getmək istədikdə Nina dedi: – Müharibəni xarici düşmənə açmaqdansa, daxildə inqilabçı adı ilə öz xəyanətini pərdələmək istəyən hacı mehdilərə açmaq lazımdır. Bir həftədir ki, qaradağlıların hücumu davam edir. Top güllələri səngərlərin altını üstünə çevirir. Xaraba və yanmış evlərin sayı get-gedə artır. Hər tərəfdə bir cəhənnəm nümunəsi görmək olar. İnqilabçıların səngərindən tüfəng səsləri çox az atılırdı. Səngərləri yalnız bombalarla saxlamaq mümkün olurdu. Səngərlərin qarşısında qaradağlı ölüləri bir-birinin üstünə qalanırdı. Qaradağlılar hər bir hücumda tələfat verib çəkilirdi. Səngərlərdə canlı qüvvə çoxdu. Patron və bombadan korluq çəkilmirdi. Dörd gündən bəri rahat olmaq və evə qayıtmaq mümkün olmamışdı. Axşam saat doqquzda bir azca vaxt tapıb Ninanı görmək üçün getdim. Nina çox qəmgin oturmuşdu. Məcid də ona söykənib divanın üstündə yatmışdı. Oturdum. Ninadan əhval soruşdum, ah çəkərək sözə başladı: – Dünən saat beşdə Zeynəb Cavad ağaya yemək aparıb daha qayıtmayıbdır. Bilmirəm onun başına nə iş gəlibdir? Yazıq uşaq onsuz aram tutmur. Mən işin həqiqətini deməyə məcbur oldum: – Nina, hazırda Zeynəb bacının və yainki mənim özümün də bir gündə yox, bir dəqiqənin içində tələf ola biləcəyimiz təəccüblü iş deyil. Atılan top mərmilərinin açdığı tufanın ağzından qurtarmaq çox çətindir. Ninanın gözləri doldu. Ağlaya-ağlaya soruşdu: – Allah eləməsin. Bəlkə də, Zeynəbin başına bir iş gəlmişdir? – İnqilab edən xalqın qurban verəcəyi şübhəsizdir. Dünən saat altıda Zeynəb və Cavad ağanı öz yoldaşları isə yemək yedikləri yerdə top gülləsi havaya sovurmuşdur. Bədənlərini ayırmaq mümkün olmadı. Hamısını bir yerdə basdırdıq. Ninanın gözləri yaşardı. Balaca Məcidi qucaqlayıb öpdü. Minasyanın qadını Şuşanik xanım da gəlib bunu eşitdi. Çox təəssüf etdi. Sabah Təhminə xanıma xəbər verib balaca Məcid üçün bir qulluqçu tapdıracağımı Ninaya vədə etdim. * * * Ziyafət Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım. Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi. O, yolda başqa söz danışmırdı. İnqilab haqqında söhbətə başlayıb deyirdi: – Ay rəfiq, görüm sizin inqilab nə iş görəcəkdir? Bütün varlığım ona bağlıdır. Mənim işimi yalnız inqilab həll edə biləcəkdir. Mən Abdulla xan kimi adamlar haqqında çox eşitmişdim. Bu gün isə şəxsən özüm də onun nə demək istədiyini gördüm və eşitdim. * * * Abdulla xanın ziyafət salonu qayət zəngin bir salon idi. Salonda tağlar və taxçalar vardı. Tağlarda qiymətli Çin kasaları, boşqablar güldanlar və sair nəfis qablar düzülmüşdü. Taxçaların içərisində Fətəli şah, Nəsrəddin şah, Abbas Mirzə, Məhəmməd şah, Kərim xan Zənd və sair bu kimi İran hökmdarlarının boyalı şəkilləri çəkilmişdi. Şəkillərin qarşısında isə qiymətli vazlar, yenə də güldanlar və müxtəlif fiqurlar qoyulmuşdu. Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və zövqünə uyğun bir vəziyyətdə düzəldilmişdi. Təbriz evlərinin saqfində və divarında da çılpaq mələkə şəkillərinə təsadüf etmək olurdu. Nina ilə mən salondakı zənginliyi bir neçə kərə gözdən keçirdikdən sonra Abdulla xan salona qayıtdı. Onun dalınca başını aşağı salmış və utandığından çöhrəsi qızarıb təbii halından çıxmış bir qadın da salona girdi. Qadının bütün hərəkəti, hətta irəlilədikcə addımlarını atması belə bir iranlı qadınının varlığını ifadə edirdi. Lakin bunun paltarı və üzərindəki zinətlərin heç birisi İran qadınını deyil, kübar və əsl ailədən olan bir fransız qadınını andırırdı. Abdulla xan onun əlindən tutub Ninanın yanına gətirdi. «Səhba xanım!» deyə tanış etdi. Mən də qadının əlini sıxıb tanış oldum. O, əlini nə qədər tez olsa mənim əlimdən dartıb çıxarmağa tələsirdi. Bunu yalnız barmaqlarının damarlarında vücuda gələn titrəyiş mənə hiss etdirmiş oldu. Salonu bir daha bərabər dolaşdıq. Səhba xanım Nina ilə səsi eşidilməyəcək bir halda qonuşurdu. Mən hələ onun gözlərini görməmişdim. Onun utandığını, yabançı kişi yanına birinci kərə çıxdığını hiss etdiyimdən özüm də onun üzünə dik-dik baxmaq istəmirdim. Bir azdan sonra Abdulla xanın özü də bunu təkrar etdi. «Səhba xanım birinci gündür ki, qonaq olan salona gəlir», – dedi. Səhba xanımın üzündə başqa İran qadınlarının vurduğu bəzək və zinəti görmədim. Təbriz qadınlarına məxsus ağ və dəyirmi üzünə hiss edilməz bir dərəcədə pudra vurmuşdu. Başqa qadınlar kimi qolçaqlar taxmamışdı. Yalnız sağ qolunda yanları cəvahirlə işlənmiş nəfis bir saat daşıyırdı. Barmaqlarında bahalı üzüklər çoxdu. Zinətsiz də yüksək bir təbii gözəlliyə malik idi. Getdikcə daha az utanmağa başlayır və başını yuxarı qaldırırdı. Salonu bir neçə baş gəzdikdən və hər şey barəsində müfəssəl məlumat aldıqdan sonra qadın Ninanın əlindən tutub ailə həyatı ilə tanış etmək üçün başqa otaqlara apardı. Abdulla xanla mən də otaqları dolaşırdıq. Otaqların şeyləri çox zəngin, çox da maraqlı idi. Səfəviyyə padşahları dövründən qalmış ipək bir xalçaya tamaşa etdik. Zərrinə pərdələrin hamısı Fətəli şah dövründə toxunmuş pərdələrdi. Bir çox məxmər və zərrinə şeylərin üzərində tarixləri zər və ipəklə tikmişdilər. Qadın bizə ətrafı mirvarid və incə mərcanla toxunmuş köynək göstərdi. Köynəyin toxunuşu və parçası onun çox qədim və nadir bir şey olduğunu göstərirdi. Gördüyümüz şeylər içərisində üzü altun tellərlə toxunmuş və nalları xalis gümüşdən olan bir cüt qadın başmağı da vardı. Abdulla xan bu başmaqları Nizamülüləmanın evini qarət edənlərin əlindən böyük pula aldığını söylədi. Sonra Səhba xanım Ninanı başqa otağa aparıb öz qiymətli gəlinlik paltarlarını göstərmişdi. Bunu əlavə etməliyik ki, gördüyümüz otaqların hamısı salonda olduğu kimi ən mahir nəqqaşlar tərəfindən qayət incə bir surətdə işlənmişdi. Divarlardakı tablolarda çılpaq mələklər qollarını açıb uçurdular. Mən hər şeydən artıq xanın kitabxanası ilə maraqlandım. Kitabxanada bir sıra əl yazılarına və tablolara təsadüf etdim. Fətəli şahla rusların müharibəsindən sonra sülh layihəsinin qarası, mütarəkə şərtlərinin üzü, Abbas Mirzə tərəfindən yazılmış Gəncə səfəri, Nadir şah tərəfindən imza olunmuş kənd qəbalələri, şah Təhmasib tərəfindən imza olunmuş fərmanlar və bu kimi bir çox şeylər gördüm. Tablolar içində Abbas Mirzə tərəfindən tikdirilmiş Şəmsül imarənin şəkli, Nadir şahın at üstündə yağlı boya ilə çəkilmiş rəsmi və sair bu kimi bir çox şeylər də vardı. Ən qiymətli rəsmlərdən biri də Yusif və Züleyxanın əlvan rəsmlərindən ibarət idi. Kimin və hansı bir rəssamın tərəfindən çəkildiyi bəlli deyildi. Çox dolaşdıqdan sonra yenə də haman salona qayıtdıq. Salonun başında düzəlmiş limon və portağal bağçası yanında qoyulmuş çay masasının ətrafına toplandıq. Çayı Səhba xanım özü hazırlayırdı. Biz evə girərkən Abdulla xan qoca ev qulluqçusunun getməsinə icazə verdi. Biz hələ bir stəkan çay içmədən qonaqlar gəlməyə başladı. Qonaqlar tamamilə gözəl və nəhayət dərəcədə şıq geyinmiş gənclərdən ibarət idi. Bunların hər birinin arxasınca da bir nəfər gənc qadın qoltuğunda böyük bir boğça, əlində əlbisə qutusu olaraq içəri girdilər. Mənimlə və Nina ilə tanış oldular. Bizim ikimiz də buna heyrət etdik. Mən gözümün altı ilə Abdulla xan və Səhba xanıma baxırdım. Onlar bir-birlərinə baxıb hiss etdirmədən gülürdülər. Nina mənim qulağıma pıçıldadı: – Bunu heç vəchlə anlaya bilmirəm. Bu nə məclisdir? Gəncləri buraya yığıb tökməkdə Abdulla xanın məqsədi nədir? Bizimi bunlara, yoxsa bunlarımı bizə göstərməyə gətirmişdir? Bəs bu qadınlar nədir? Gətirdikləri boğçalar və qutular nə üçündür? Mən Ninanı sakit etmək üçün qulağına dedim: – Səbir et! Baxaq nə olacaqdır? Qonaqlar çay içir, yağlı çörəklərdən yeyir və mənim vasitəmlə Nina ilə danışmaq istəyirdilər. Şaşıb qalmışdım. Abdulla xandan bunu soruşmaq da mümkün deyildi. Abdulla xan «Vəli!» – deyə səsləndi. Vəli gəldi. Abdulla xan gülərək dedi: – Get, tarı, kamançanı və dəfi gətir! Vəli bir neçə dəqiqədən sonra qayıtdı. Abdulla xan tarı mənim sağ tərəfimdə oturan gəncə verərək dedi: – Xosrof xan, mənim əziz qonağımı bir neçə barmağa qonaq etməlisən! Sonra kamançanı da birisinə verərək: – Fərudin xan, al bunu dindir, görüm, – dedi. Ən axırda dəfi İsfəndiyar xana verdi. Çalğı başladı. İsfəndiyar xan oxudu. Bu oxumaq mənə və Ninaya nəhayət dərəcədə nəşə verdi. Mən onların kişi olmalarından şübhələndim. Lakin bir söz demək, bir söz belə soruşmaq mümkün deyildi. Oxudular, çaldılar. Çalğı bitəndən sonra Nina və mən Abdulla xanın gülxanasını gəzmək üçün həyətə çıxdıq. Ümumiyyətlə, Təbriz həyətləri gözəl qurulmuşdu. Abdulla xanın həyəti daha gözəl idi. Orada gördüyüm növcə əlvan və sayca artıq gülləri heç bir yerdə görməmişdim. Yarım saatdan sonra salona qayıtdıq. Lakin gənclərdən heç birini salonda görmədik. Nina Abdulla xandan soruşdu: – Qonaqlarınız getdilərmi? – Xeyr, indi gələcəklər. Beş dəqiqədən sonra qabaqda Səhba xanım, dalınca da beş nəfər gözəl və şıq əlbisəli fransız qadını içəri daxil oldu. Qadınların hamısı abı rəng donda, zərif corab və zərif tuflilərdə idi. Çox zəngin geyinmişdilər. Bunlar xəfif təbəssümlərlə bizə yaxınlaşdılar. Fransız qadınlarını təqlid edən bu qadınlar ilk baxışda bir fransız qadınına bənzəsələr də, yaxından yenə də Şərqin kübar qadınlarını andırırdılar. Xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbriz qadınlarına məxsus bir gözəllikdir. Onu Şərqin başqa qadınlarında görmək mümkün deyildir. Onlar bizə yanaşıb yenidən tanış oldular. Nazəndə, Şükufə, Rəna, Leyla, Səltənət xanım deyə əllərini bizə uzatdılar. Bu mənzərə bizi daha da heyrətə saldı. Bunlar kimdir? Nəçidirlər? Oxuyub-çalmaq üçünmü çağırılmışlar? Hər halda burasını bir növ təhlil edə bilmirdik. Lakin qadınların danışıq və hərəkəti onların bu ailəyə mənsub olduqlarını bildirirdi. Qadınlar evi dolaşdıqca ətrafa ətir qoxuları səpirdilər. Bu dəfə qadınlar pudralanmış və barmaqlarını brilyant üzüklərlə doldurmuşdular. Mən və Nina Təbrizdə olduğumuz zaman bu kimi bir ziyafəti görməmişdik. Xüsusən bu kimi şıq və gözəl qadınlara birinci kərə təsadüf edirdik. Mən bu qadınlara baxmaqla bərabər Ninanı da gözdən keçirirdim. Nina gözəl Təbriz qadınlarına olduqca diqqətlə baxırdı. Mən onda qadınlara qarşı bir rəqabət hissi oyandığını duyurdum. Nina ayağa qalxdı. Salondakı böyük aynanın qarşısında durdu. Gözlərini aynaya açdı, diqqətlə baxdı, gülümsəyərək döndü, dönərkən çiyninin üstündən bir daha aynada öz əndamını gözdən keçirib qadınlara qoşuldu. Yemək gətirdilər. Yeməklər yenə də düyü, ət, toyuq, yumurta və səbzilərdən bişirilmiş Təbriz xörəkləri idi. Süfrədə çəngəl, bıçaq, qaşıq qoyulmuşdu. Başqalarına nisbətən Abdulla xanın süfrəsi tamamilə bir qərb evinin süfrəsi idi. Əli ilə xörək yeyən yox idi. Süfrə yığışdırıldıqdan sonra yenə də gül ağaclarının altına keçdik. Yenə də qadınlar çalıb-oxudu. Qadınların oxuduğu yalnız Hafizin qəzəlləri idi. Axşam saat beşdə evə qayıtmaq üçün icazə istədik. Səhba xanım Ninanı öpərək deyirdi: – Ümid edirəm ki, bu görüşümüz son görüş olmayacaqdır. Yenə də görüşəcəyik. Səhba xanım bunu dedikdən sonra barmağından bir brilyant üzük çıxarıb Ninanın barmağına taxdı. Bunu görərkən qadınların hər birisi bir qiymətli şey çıxarıb Ninanın redikülünə qoymağa tələsdilər. Nina bunları qəbul etmirdi. Axırda Abdulla xan: – Bunlar mənim əmim oğlanlarının və qardaşlarımın qadınlarıdır. Xahiş edirəm ki, bunları öz yaxın dostlarınız hesab edəsiniz! – deyə hədiyyələri Ninanın redikülünə buraxdı. Saat beşdə görüşüb bayıra çıxdıq. Abdulla xanın özü də bizi yola salmağa hazırlaşırdı. Nina həyətdə Abdulla xana belə bir sual verdi: – Bunlar qadın olduqları halda nə üçün kişi paltarı geyinmişdilər? – Təbrizdə bu cür şeylərə çox təsadüf edəcəksiniz. Bu barədə uzun danışmaq lazımdır! – deyə Abdulla xan Ninaya cavab verdikdən sonra, Nina daha səbəbini soruşmadı. Mən sözə başlayıb bu xüsusda Nina ilə evə qədər söhbət etdim. – Hər halda Təbriz qadınları məşhur İran padşahı Nəsrəddin şahın tanıdığı qadınlar deyil. Şahın anladığı kimi onlar yalnız xörək bişirmək üçün deyil, eyni zamanda hər bir işə qabildirlər. Onlar çox ədəblidir. Kişiləri məşğul edə biləcək bu kimi idraklı qadın gördüyüm birinci kərədir. Çox lətif danışıqları, mənus xasiyyətləri, zərif şivələri vardır. Onlar mövhumatçı deyillər. Açıq gəzməyə çox artıq maraqları vardır. Bununla bərabər, onların ailə həyatı çox qəmgin və faciəlidir. Kişilərdəki əxlaq pozğunluğu qadınların həyatına çox ağır təsir bağışlamışdır. İran Azərbaycanındakı kişilərin böyük bir faizi qadınlara tamamilə nifrət gözü ilə baxır, tamamilə qeyri-təbii eşqlərlə məşğul olurdu. Xüsusən bu, əxlaqsızlıq kübar ailələri içərisində daha artıq «təraqqi» etmişdir. Bu əxlaqsızlıq XX əsrin əvvəllərində İranda çox böyük şöhrət tapmışdı. Təbrizə gələndən sonra bu məsələlərlə çox maraqlanıram və qoca adamlarla bu barədə çox danışıram. Dəvəçi ağzında çay satan bir qoca kişi ilə tanış olmuşam. Qoca həm alış-verişçidir, həm falçıdır, həm də aralıq həkimidir. Bekar vaxtlarımda bununla çox görüşürəm. O mənə qeyri-təbii eşq haqqında belə bir əhvalat söylədi: – Urmu varlılarından Məcdüssəltənə 6 qadını olmasına baxmayaraq, 7 nəfər də gözəl uşaq gətirib saxlamışdır. – Bu uşaqları ona kim verir? – deyə ondan soruşdum. Qoca başına hərəkət verib dedi: – Bunların hamısı aşağı təbəqənin uşaqlarıdır. Bunların bəziləri də ağanın rəiyyətinin uşaqlarıdır. Bəziləri vergi ucundan, bəziləri böyük pul müqabilində alınan uşaqlardır. Bu kimi əxlaq pozğunluğu nəticəsində üz verən hadisələr daha böyükdür. Məcdüssəltənənin gənc qadınlarından bəzisi bu uşaqlarla yaşamağa məcbur olurlar, çünki ərləri daha uzun müddətdən bəri onlara yaxın getmir. Çox müdhiş hal budur ki, gənc qadınlardan bəzisi bu vəziyyətə davam getirmədiyindən özünü gölə atıb boğurdu. Eyni zamanda bir-birinə qısqanan uşaqlar da ara-sıra bir-birini öldürüb yaralayırdılar. Məsələ burasındadır ki, balıq başdan qoxur. Padşah da, vəliəhd də bu xəstəliyə tutulubdur. Hələ hazırkı Məhəmmədəlini demirəm. Bunun atası Müzəffərəddin şahı götürəndə onun özü də bu xəstəliyə tutulmuşdu. O, oğlu Məhəmmədəlinin toyunda oynayan mütrib Əli xanı hərəmində həftələrlə saxlamışdı. Atasından tərbiyə götürən vəliəhdə gəldikdə bütün Azərbaycanı gəzib rastına keçən gözəl gəncləri özü ilə bərabər Təbrizə gətirmişdi. Urmulu Hacı Şücaüddövlənin oğlunu gətirdi. Təbrizdə Mir Manaf sərrafın oğlunu aparıb saxladı. Sonra sərtiblik verib buraxdı. Yanında həmişə Abidin xan Mücəllələlüsultanı saxladı. Burada sənə daha qəribə bir söz deyəcəyəm. Onda ki, Məhəmmədəli şahın hərəmi Sürürüssəltənəni Tehrandan gəlin gətirdilər. Məhəmmədəli şah təzə qadınını istiqbal üçün Vasminc qəsəbəsinə qədər getmişdi. Bu əxlaqsız getdikcə yanınca Abidin xanı da faytona qoyub aparmışdı. Sürürüssəltənə bunu görərkən acıq edib Tehrana qayıtmaq istəmiş. Qadın acıqlanaraq: «Sənin qadının ola-ola mənə nə üçün zəhmət verdin?» – deyib ağlamışdı. Bu cür şeylər çoxdur. Bunun atası Müzəffərəddin şah Təbrizdə vəliəhd olduğu zaman Məhəmmədsadıq xan onun yaxın adamlarından idi. Bunun oğlu Hüseynpaşa xan gözəl bir cavan idi. Müzəffərəddinin bu oğlana aşiq olduğunu hiss edən Məhəmmədsadıq xan, oğlunu gecə ilə Qaradağa öz kəndinə göndərmişdi. Bir neçə ildən sonra oğlan çiçək xəstəliyinə tutulub çopur olduqda atası Təbrizə gəlməsinə icazə verdi. – Hüseynpaşa xan kimdir? – deyə soruşduqda qoca gülümsünüb dedi: – İndiki Əmir Bahadır-cəng. İndiki hərbiyyə vəziri. Hazırda Lyaxovla əlbir olub parlaman binasını topa tutan cənab! Bu adam məşrutənin dağılmasında birinci rol oynamışdır. – Çox razıyam! Mənə böyük məlumat verdin! – dedikdə qoca ah çəkdi. Son sözünü belə qurtardı: – Kübar ailələrdə olan alçaqlığı bilsən, onların bu xalqın başına nələr gətirdiyini öyrənsən, nə qədər ömrün varsa, yadından çıxarmazsan, oğlum! Mən kübar ailələrin əxlaqsızlığı haqqında bir çox bu kimi işləri yalnız eşitmək deyil, öz gözümlə də gördüm. Abdulla xanın evindəki qonaqlıq bunu mənə bir daha isbat etdi. Qadınlar kişilərini qeyri-təbii eşqdən qaytarmaq üçün özlərini uşaq şəklinə salmağa məcbur olmuşdular. * * * Nina və Səttar xanın qadınları Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı. Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq. «Russkoye slovo» qəzeti müxbirinin Bakıdakı İran İnqilabi Komitəsindən kağız gətirməsi, xüsusən «Russkoye slovo»nun Təbriz inqilabı haqqında bir neçə yaxşı məqalə yazması onun Təbrizə girməsinə və Səttar xanı ziyarət etməsinə imkan vermişdi. Sonra Nina Səttar xan və onun ailəsini ziyarət etdiyindən danışaraq deyirdi ki: – Qapıda çox müsəlləh adam vardı. Biz vəsiqələri verdik. Onlar rusca çox gözəl oxuyurdular. Qafqazlı olduqları simalarından bəlli idi. İçəri girdik. Çox otaqları vardı. Burada müsəlləh adamlar qaynaşırdı. Biz burada Səttar xanın yanına yetişirik deyə özümüzü düzəltdik: Sərdar içəri daxil olmaq üçün icazə verdi. Mən və Tardovun arvadı qadın olduğumuz üçün Tardovdan qabaq içəri girdik. Sərdar döşək üstündə oturub qəlyan çəkirdi. Başı açıqdı. Bizi görərkən təəccüblə baxdı və yanından börkünü götürüb başına qoydu. Tardov da içəri girmişdi. Sərdar ayağa qalxmadı, ona yer göstərdi. O oturarkən Sərdar yalnız bir az hərəkət etməklə kifayətləndi; biz bir tərəfdə quruyub durmuşduq. O, ayağa qalxdı. Bizə əl uzatdı. – «Xanımları hərəm odasına aparın» – deyə qoca bir kişiyə işarə etdi. Biz içəri girdik. Şərqin nəfis ipəkləri, Kirman, Saraqun qiymətli xalçaları, Kaşanın məxmərləri ilə zinətlənmiş odaya girdikdə Səttar xanın böyük qadını döşək üstündə oturub qəlyan çəkirdi. İpək bağlamaya dayanıb oturan bu qadın bizi görərkən ayağa qalxdı. İran adətincə əlimizi sıxdı. Bizi qoltuqlu sandalyalar üzərində oturtdu. Cürbəcür şirni, yağlı və şirin çörəklər, papiroslar, siqarlar gətirdilər. Xanım bizi yedirmək üçün cürbəcür şivələrlə danışdırır və məşğul edirdi. Mən onun bütün dediklərini anlayırdım. Qadın təxminən 35 yaşında olardı. Onun qəlyan və papiros çəkməkdən qabaq dişləri qaralmışdı. Heç bəzəyi yoxdu. Gözəldi. Onun hər bir hərəkəti bizi məşğul edirdi. Ayaq üstündə gənc və gözəl bir qadın durmuşdu. O, xanımın yanında yerə oturmur, ağzından yaşmağını çıxarmırdı. O, Səttar xanın inqilabdan sonra aldığı qadın idi. Buna görə də hərəmdə böyük sayılan birinci qadının yanında yerə oturmaqdan həyalanırdı. Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini daşıyırdı. Gözləri həddindən artıq qara idi. Sürmə çəkdiyi bəlli idi. Gözlərini qapadıqda qara kirpikləri birağızlı daraq kimi hər iki tərəfdən çöhrəsinə yayılırdı. Qadınların hər ikisi dırnaqlarına xına yaxmışdı. Böyük qadın topuqlarına xırda altun və inci ilə düzülmüş xalxal bağlamışdı. Kiçik qadında bu yoxdu. O, uzunboğazlı və nəfis alman corabı geyinmişdi. Kiçik qadın böyük qadını bacı deyib səslədikdə o «can» deyə cavab verirdi. Bunlar sanki bir-birləri ilə rəqabət aparan qadınlar deyildi. Amma ikisinin də simasında olan pozğunluq və fikir yorğunluğu onların bir-birinə gizlin rəqabət hissi bəslədiyini göstərirdi. Səttar xanın hərəmində başqa İran əyanları kimi qadın qələbəliyinə təsadüf etmədik. Orada yalnız bir qadın qulluqçusu vardı. Bizi götürüb bütün otaqları göstərdilər. Qadınların hər birisi üçün başqa otaq vardı. Səttar xanın özü üçün də xüsusi otaq vardı. Evlərdə çarpayı qəbilindən heç bir şey yox idi. Otaqları gəzdikdən sonra böyük qadın sandıqdan iki üzük çıxarıb birisini mənə, digərini də Tardovun qadınına verdi. Yanındakı gənc qadına işarə ilə: – Bunları kiçik xanım sizə hədiyyə edir, – dedi. Bizi bayıra çağırdılar. Getmək vaxtı idi. Səttar xanın oturduğu otağa girdik. Səttar xan Tardovla öz mütərcimi vasitəsilə danışırdı. O, yenə də silahlı idi. Danışarkən yenə də dik gözləri parıldayırdı. Açıq alnı və heybətli çöhrəsi vardı. Sözündən, hərəkətindən, duruşundan ancaq əski dövrlərə məxsus «vuraram», «öldürərəm», «yıxaram» deyən ibtidai qəhrəmanlara bənzəyirdi. Biz onunla vidalaşarkən hamımıza əl verdi. Qabaqca qadınlara, sonra isə Tardova. Bizi qapıya qədər ötürdü. Çox yumşaq və həlim bir surətdə danışırdı. Yenə adəti üzrə əlini tez-tez başına çəkirdi. Çox təmiz geyinmişdi. Üstündə ağır silah və patron dolandırırdı. Bütün ehtiyat qüvvələri, atlı, piyada hamısı əmrə hazırdırlar. Ona hər beş-on dəqiqədə bütün cəbhələrin işləri haqqında məlumat verilirdi. Demək olar ki, Sərdar bütün cəbhələri şəxsən idarə edirdi. Bağır xanla tez-tez danışırdı, çünki şiddətli vuruşmalar Bağır xan cəbhəsində gedirdi. Biz bayıra çıxanda Səttar xan da atlanıb Xiyaban cəbhəsinə yola düşürdü. Çıxarkən Səttar xanın evini seyr etdik. Fəqir və adi bir görünüşü var idi. * * * Bağır xan öz nüfuzunu itirmişdi. O, Rəhim xan Təbriz ətrafına gəldikdə rus bayrağı himayəsinə girdiyindən bu ləkəni öz üzərindən silməyə çalışırdı. Bağır xanın yanında Təbrizin ən məşhur igidləri və ən yaxşı, tədbirli adamları toplanmışdı. Bala Tağı və Cəlil xan kimi adamların olduğuna baxmayaraq, Bağır xan özü tədbirsiz idi. Nəhayət, o bu ləkəni öz üstündən təmizlədi. Bağır xan bütün qüvvətini hazırlayıb Rəhim xanın üzərinə qəti hücuma keçdi. Rəhim xan bütün silah və hərbi ləvazimatını Sahib-divan bağında buraxıb qaçmağa məcbur oldu. Rəhim xan bişmiş plovunu belə qazanlarda qoyub qaçdı və rus himayəsinə keçmək üçün rus bankına məxsus olan bağda yerləşdi. Buna görə də Təbrizdə rahat nəfəs alınacağına ümid olunurdu. Rəhim xanın bu məğlubiyyətindən sonra rus konsulunun nə təşəbbüsdə olacağı məlum deyildi. Bu vəziyyəti öyrənmək üçün Nina ciddi surətdə çalışırdı. Nina şifrə şöbəsindən başlamış tərcümə şöbəsinə qədər gəzmişdisə də bir şey əldə edə bilməmişdi. Tam bu günlərdə Nina konsul mütərcimi Mirzə Fətulla xan Babayevdən bir sevgi məktubu almışdı. Məktubda belə yazılırdı: «Gözəl Nina! Hər gözəl qadına gözəl demək adətdir. Lakin sizin yüksək gözəlliyinizi gözəl sözü tamamilə ifadə edə bilmir. Siz bu məktubu axıra qədər oxusaydınız mən özümü xoşbəxt hesab edərdim. Amma bilirəm ki, oxumursunuz. Oxusaydınız, cavab verərdiniz. Çox təəssüf edirəm ki, sizə baş əyən, hər əmrinizi dini bir vəzifə kimi ifa etməyə hazır olan Babayevi lazımınca tanımamısınız. Siz mənim konsul yanında olan hörmətimi, imperatora olan səmimi xidmətlərimi və bütün Təbrizdə bir Allah kimi tanındığımı lazımınca qiymətləndirə bilməmişsiniz. Onu da bilirəm ki, azadsınız. Bu müddətdə bir kəsi sevmiş olsaydınız, ərə gedərdiniz. Siz Arşakdan ayrıldıqdan sonra daha ərə getməyəcəyiniz üçün konsulun yanında and içəndə mən sevindim. Çünki mənə də bu lazım idi. Mən bu azadlıqdan istifadə edib sizinlə yaşayacağımı düşünürdüm. Bu fikrimi sizə də söyləmişdim. Sizə olan məhəbbətimi sözdə deyil, işdə və həyatda da sizə göstərirdim. Sizi sevdiyimi və bu sevgi yolunda hər bir fədakarlığa hazır olduğumu gözəlcəsinə anlayırdınız. Siz mənim bu fikrimi bildikdən sonra uşaqların dərsindən də ayağınızı çəkdiniz. Bu isə mənim ailəmdə şübhələrə səbəb oldu. Yoldaşım mənim tərəfimdən sizə qarşı bir hörmətsizlik üz verdiyindən şübhələnir. Hər halda dərsləri birdən-birə atmağınız evimizdə yaxşı təsir bağışlamamışdır. Bu kimi şübhələrə meydan verməmək üçün heç olmasa bir neçə gün dərsə davam etməyinizi rica edərdim. İkinci kərə təkrar edirəm ki, mən sizin üçün hər bir imkanı yarada bilərəm. Siz bilirsiniz ki, mən Təbrizin Allahı kimiyəm. Saat altıda dərsə davam edəcəyinizə ümid edirəm. Sizin xeyirxahınız, Fətulla». Nina konsulun Rəhim xan məğlubiyyətindən sonra nə təşəbbüsdə olacağını öyrənmək üçün Mirzə Fətulla xanın evinə getməyə hazırlaşdı. * * * Axşam saat doqquzda Ninanın evinə getdim. Nina Mirzə Fətulla xanın evindən qayıtmışdı. Məmnun görünürdü. O məni görən kimi tələsərək dedi: – Dayanmaq vaxtı deyil. Olsun ki, sabah Təbriz üzərinə ümumi hücum başlansın. Rəhim xan konsulxanaya belə bir məlumat vermişdir: «Təbriz ətrafına toplanmış hökumət qüvvələri öz nöqsanlarını düzəltmişdir. Yeni atlı dəstələrinin də gəldiyini konsul cənabına məlum edirəm. Surxab, Dəvəçi, Qaraməlik camaatı da bizə kömək verməyi öhdələrinə almışdır. Burada Nayib Həsən, Nayib Kazım və Əsgərin sərkərdəliyi altında müsəlləh qüvvə təşkil etmişlər. Təzə hücum Sallaxana, Əmrəxiz, Şütürban, Ləklər, Seyid İbrahim, Saman meydanı və Dəvəçi bazarçası tərəfindən başlanacaqdır. İstanbul qapısı tərəfindən Səttar xanın qərargahı olan Əmrəxiz dörd tərəfli hücum qarşısında qalacaqdır». Məsələni lazımi yerlərə xəbər vermək üçün uzun bir vaxt lazımdı. Rəhim xanın qaçdığını görən şəhər uyumuşdu. Bir çoxları mərsiyə məclislərində, bir çoxları toylarda, qumarxanalarda, kefxanalarda idi. Bir çox müsəlləh dəstələr də evlərinə buraxılmışdı. Səttar xan camaat arasında ruh yüksəkliyi oyandırılmasını lazım görürdü. O, Qaraməlik və Surxab məhəlləsinin dalınca başqa küçələrin də Rəhim xana qoşulmasından qorxurdu. Natiqlərə və məşrutəçi mollalara xəbər göndərildi. Təbliğat işlərinin şəkli yenə də əvvəlki kimi qalmışdı. Təbliğat yenə də mərsiyə demək və xalqı ağlatmaqdan ibarət idi. Xalqa inqilabın nə istədiyi və hökumətdən nə tələb etməsi haqqında heç bir söz demirdilər. Bu barədə Səttar xanla çox danışıldı; lakin o, öz təbliğat üsulundan əl çəkmirdi. Onu ruhuna qədər əlinə almış hacı, heç vaxt inqilabın doğru yolla getməsinə imkan vermirdi. * * * Bu gün saat üçdə Nina mənə bir intibahnamə də verdi. Bu intibahnamə konsulxanada düzəlib əks-inqilab təşkilatı olan «İslamiyyə» vasitəsilə şəhərə buraxılacaqdı. – «Ey müsəlmanlar! Qeyrət edin, sizin qeyrətiniz harada qalmışdır? Bu babilər məşrutə bəhanəsilə aralığa çıxıb öz dinlərini möhkəmlətmək istəyirlər. Yaxın zamanda islamiyyə tamamilə əldən gedəcəkdir. Bu dinsizlərin rişəsini kəsmək sizin hamınıza vacibdir». Konsulxananın xüsusi adamları «İslamiyyə»də toplanmış mollalar içərisində çalışırdı. Konsulxana bütün işini bunların vasitəsilə idarə edirdi. Bu hərəkət yüz faiz din, məzhəb, mövhumat əsasları üzərində qurulmuşdu. Səttar xanın da hərəkətinə təkan verə biləcək təbliğat üsulu bundan ibarət idi. Səttar xan ümumi hücum xəbərini alar-almaz gecə ilə Həzrəti-Abbas və Həzrəti-Qayimi-ali-Mühəmməd adına iki bayraq hazırladı. Səhər tezdən bu bayramların inqilab şurası damında vurulması xəbəri bütün şəhərə yayılmışdı. Demək olar ki, bütün Təbriz böyükdən kiçiyə qədər ayaq üstündə idi. Silahına gümanı gələn götürüb Səttar xanın qapısına gəlmişdi. Hətta Rəhim xana söz vermiş Qaraməlik və Surxabdan da adamlar gəlmişdi. Bayrağa 20 nəfər tüfəngli qarovul qoyuldu. Camaat hələ dağılmamışdı. O saatda İnqilab Şurasının həyəti döşəndi. Molla Qaffar Cərəndablı Həzrəti Abbas mərsiyəsi oxudu. Camaat ağladı. İnqilabın müdafiəsinə and içildi. * * * Yeni hücumlar Qaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər. İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı: «Təbriz əhalisi! Bugünkü müharibədə dindən və islamiyyətdən çıxmış istibdadçılar sahibüz-zəman və Həzrəti-Abbas bayraqlarını aparmaq üçün əncümənə hücum etmişdilər. Qəhrəman mücahidlər cənabi-sərdari-milli Səttar xanın himməti sayəsində buna imkan vermədilər. Müstəbidlər Həzrəti-Abbas və Qaimi ali-Mühəmmədin bayrağına minlərcə güllə vurublar. Bundan başqa, din və islamiyyət düşmənləri Məcdülmülk mağazalarında beş yüz cild Quran yandırmışlar». Bu elan kütlə arasında o qədər də yaxşı təsir bağışlamadı. Mən bunun yanlış fikir olduğunu Səttar xana bir neçə kərə söylədim. Əhalinin artıq bu cür işlərə əhəmiyyət vermədiyini göstərdim. Yenə də qulaq asmadı, çünki Təbriz inqilabçıları inqilab təbliğatı aparmaq üçün bundan başqa bir yol tapa bilmirdilər. Elanlara əhəmiyyət verilmədiyini gördükdə vaxt ikən hazırlanmış adamlardan yığıb mərsiyəxan, sinə vuran dəstələrini küçələrə buraxdılar. Belə bir zamanda toylar, keflər, qumarxanalar yenə də davam edirdi. Bir tərəfdən də şahzadə Eynüddövlənin Azərbaycan valisi təyin edildiyi və böyük ordu ilə Təbriz üzərinə hərəkət etdiyi xəbəri bu macəralarla dolu olan şəhərə yayılmaqda idi. Bu xəbər Təbrizə yayılan kimi Bağ-meşə məhəlləsi qorxusundan Rəhim xana təslim oldu. Başqa məhəllələrin də təslim olacağı qorxusu vardı. Hacı Mehdi Küzəkünani yenə də neçə gündən bəri evinə qapanıb əncümənə gəlmək istəmirdi. O, işin axırından qorxurdu. * * * Məni də toya çağırmışdılar. Bu, bir mücahidin toyu idi. Ninanı da özümlə bərabər toya aparmaq üçün gəlmişdim. Lakin o, evdə deyildi. Yarım saat gözlədikdən sonra Nina gəlib çıxdı. Nina Eynüddövlənin hücumunu eşidib rus himayəsinə girmək üçün ərizə verənlərin siyahısını mənə göstərdi. Bundan başqa, Nina rus general-konsulu Millerin hökumət qoşunu komandirlərinə verdiyi təlimatın surətini gətirmişdi. Burada da Eynüddövlənin Ərdəbilə yetişdiyi, Şatranlıda böyük ordu hazırlığında olduğu xəbəri verilirdi. Mən əldə edilən məlumatı lazımi yerlərinə vermək və təcili təşəbbüsdə olmağa lüzum görmədim, çünki çox gecdi. Getsəydim belə kimsəni tapa bilməyəcəkdim. Həsənağa mücahid özü də Ninanın evinə gəlib bizi toyuna aparmaq üçün tələsdirirdi. Bu günlərdə Təbrizdə toy çox idi. Bəzi mücahidlər varlı qızlarla evlənirdilər. Dövlətlilər və mülkədarlar vasitə ilə, rüşvətlə olsa da, öz bacılarını, qızlarını inqilabçılara verib öz mövqelərini bununla müdafiəyə çalışırdılar. Bizim tanıdığımız Həsənağa da Ağa Qasım adlı bir varlının qızını almışdı. Mən onun evlənməsinə razı deyildim. Toyuna da getmək istəmirdim. Nina isə məni buna məcbur edirdi. Həsənağa öz aldığı qızın həddindən artıq gözəl olduğunu Ninaya dəfələrlə söyləmişdi. Buna görə də Nina Təbriz gözəlini görməklə maraqlanırdı. Nina bu toya çoxdan hazırlaşmış və dostumuzun yeni aldığı bu qıza hədiyyə vermək üçün qiymətli bir baş şalı da almışdı. Biz, doğrudan da, Həsənağanı çox sevirdik. O, qəhrəman bir gənc idi. Azərbaycanlılar arasında birinci bombanı atan bu gənc idi. Özü də olduqca yoxsul bir ailədən idi. Həsənağa təmiz qanlı, sədaqətli, inqilabı səmimi sevən, ona bütün varlığı ilə xidmət edən bir Təbriz işçisi idi. Həsənağanın fabrikdən xaric edildiyi 6 aydan artıq deyildi. O, məşrutəçilərlə əlaqədə olduğundan gəncəlilər onu fabrikdən bayıra atmışdı. Anası Təhminə xanım mənim mənzilimi təmizləmək və paltarlarımı yumaq üçün tez-tez yanıma gəlirdi. Oğlunun işsizliyindən çox şikayətlənirdi. Oğlunun ağlını, fərasətini, hətta qəhrəman bir gənc olduğunu deyib tərifləyirdi. Bir neçə gündən bəri Təhminə xanım məni evinə qonaq çağırdı. Getmək istəmirdim. Onların fəqir olduğunu bilirdim. Xəcalət və zəhmət çəkmələrinə razı olmurdum. Günlərin birində Təhminə xanım məni yenə də evlərinə aparmaq və onun süfrəsində iştirak etməyi təklif etdi. Bu dəfə qadının xatırı qalmasın deyə bu təklifi qəbul etdim. Bugünkü ziyafət Qurban bayramı münasibətilə imiş. Lakin Təhminə xanım qurban kəsməmişdi. Hətta başqaları ilə şərik belə olmamışdı. Məni yarısı həsir, yarısı köhnə palazlarla döşənmiş bir otağa aldılar. Otaqda olan şeylərin hamısı köhnə idi. Lakin burada fövqəladə bir təmizlik vardı. Evə və evdəkilərə baxdıqca insanı heyrət götürürdü. Mən bir çox yerdə fəqir və yoxsul evi görmüşdüm. Təbrizdə təsadüf etdiyim bu yoxsul ailə qədər fəqir və yoxsul bir ailə görməmişdim. Yamaqlı olmayan palaz, yamaqlı olmayan paltar, pərdə, yorğan-döşək görmədim. Bu otaqdan başqa bir otaqları da vardı. Şübhəsiz ki, onların dəyərli şeyləri qonaq otağında idi. Yuxarı başda tükləri tökülmüş köhnə bir məxmər döşəyin üstündə oturmuşdum. Doğrudan da, özümü ən həqiqi bir İran işçisinin evində hiss edirdim. Evin başçısı Həsənağa yerə oturmayır, məndən utanırdı. Mən ayağa qalxdım. Onun əlini ikinci kərə sıxıb: – Otur yoldaş, otur, – dedim. – Biz ikimiz də bir söz deyirik. Həsənağa nə dediyimi anlamadı. Fəqət yanımda oturdu. O, çox dilli-ağızlı gənc olduğu kimi, hər bir hərəkətində səmimi olduğunu göstərirdi. Təhminə xanım birdən-birə yox olmuşdu; hara getdiyini bilmirdim. Həsənağa çay və yemək hazırlamaq üçün icazə istəyib ayağa qalxdı. Mən yenə də evdə olan şeyləri gözdən keçirirdim. Tağlarda düzülən kasaların dal tərəfləri sınıq idi. Kasaların arasında köhnə papiros qutuları düzülmüşdü. Taxçalarda xırda və zərli sandıqlar (mücrü) qoyulub üstünə örtük çəkilmişdi. Divarlarda buğda sünbülündən toxunmuş cürbəcür şeylər asılmışdı. Evin görkəmli yerlərini boş fransız kibrit qutuları tuturdu. Bu ailənin malik olduğu şeylərə öz ürəyimdə qiymət verirdim. Onların ev şeyləri Təbrizin bazarında təxminən beş tümən çıxara bilərdi. Mis və çini qablardan başqa heç bir şey gözümə dəymirdi. Gözləmədiyim halda qapı açıldı. Qabaqca Nina və onun dalınca Təhminə xanım gülə-gülə içəri girdilər. Təhminə xanım mənim bundan acığım gəlməsin deyə sözə başladı: – Bu gün bizim əziz günümüzdür. Gərək bağışlayasan. Hərçənd kasıbıx, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil elədim. Nina xanımı da çağırdım. Eybi yoxdur. Hamı dövlətli olmaz ki. – Nə eybi vardır, Təhminə xanım? Çox təmiz ailəniz vardır. Mən burada özümü anamın yanında olan kimi hiss edirəm, – deyib ona təsəlli verdim. Lakin Ninadan xəbərim yox idi. O, ikinci otağa keçib Təhminə xanımın qızlarına baxırdı. Çay hazır oldu. Ninanı çağırdılar. Nina gəlib bir xırdaca döşəyin üstündə oturdu. Stəkan hamıya çatmırdı. Növbəylə içdik. Yemək üçün süfrə açıldı. Süfrə İsfahanda toxunmuş «qələmkar» adlı güllü bir parçadan idi. Bir neçə yerdən yamanmışdı. Amma olduqca təmizdi. Bu gün Təhminə xanımın qurban kəsməyə qüdrəti olmadığından var-yoxu hesab olunan bir dənə xoruzunu kəsmişdi. Xörək Təbrizdə ən sevimli xörək sayılan plov idi. Plovu nazik çörəklərlə yeməli idik. Ninadan ötrü qaşıq istədik. Ağacdan bir qaşıq gətirdilər. Xörək yeyilməzdən əvvəl Təhminə xanım qızları səslədi: – Töhfə, Sənubər! Qızım, gəlin içəri! Burada yad yoxdur, özümüzüx! Qırmızı və yaşıl güllü çitdən çadra örtmüş iki gənc qız içəri girdi. Salam verdilər. Oturmadılar. Onların çox fəqir bir paltarda olması, həm Ninaya, həm də mənə böyük bir qəmginlik verirdi. Utanırdılar. Bir yerdə yeyə bilməyəcəkdilər. Saxsı və dərin bir qabda onların payını verib o biri otağa getmələrinə icazə verdilər. Qabları azdı. Nina ilə mən bir nimçədə, Həsənağa ilə Təhminə xanım da bir nimçədə yedilər. Yemək bitdikdən sonra ikinci dəfə çay gətirdilər. Çay içə-içə Həsənağadan nə iş görmək istədiyini soruşdum: – Bəs indi nə iş görmək fikrindəsən? – Siz özünüz mülahizə edin. Hazırda Təbrizdə nə iş görmək olar? Xalça fabrikləri qapanmışdır. Açıq olsa da, məni oraya buraxmazlar, çünki adım pisə çıxıbdır. Hazırda özüm də nə iş görəcəyimə məəttəl qalmışam. Hərgah köhnə vaxt olsaydı, zəifliyimə baxmayıb hamballığa da gedərdim. Nə fayda ki, bu da yoxdur. Həsənağa danışarkən mən düşünürdüm. Öz-özümə sual verirdim: əcəba, Təbrizdə bu kimi dağınıq işçilər təşkil olunarsa, burada nələr görmək olmaz? Bu fikrin təsiri altında dedim: – İndi ki, sən inqilabçısan, inqilab cərgəsində də olmalısan. Mən sabah sənin üçün iş taparam. – Hər nə iş olsa görərəm. Hərgah siz məni bir yerə işə qoymaq istəsəniz hər barədə xatircəmlik verə bilərsiniz. Yaşım az da olsa təcrübəm çoxdur. Mənim üstümdə sizə söz gəlməz. Buna mənim özüm də razı olmaram. Təhminə xanım onu müdafiə edib dedi: – Həsənağa mücahid yazılmağı çox sevir. Amma nə bilim, bu iş də çox qorxuludur. Həsənağa anasını qarşılayıb: – Nə qorxu ola bilər? – dedi: – Səngər nə qədər qorxulu olsa, yenə də rütubətli xalça fabrikindən qorxulu olmayacaq ki? * * * Həsənağa az müddət içərisində çox iş gördü. O öz rəğbəti ilə bombaçılıq vəzifəsini götürdü. Hətta qaradağlılar Mirzə Cavadağa küçəsinə hücum etdikləri vaxt bu işdə öz məharətini göstərə bildi. Mən Həsənağanın varlı qızına evlənməyini məsləhət görmədim. Doğrudan da, Həsənağa kimi namuslu bir işçinin varlı qızına evlənməsi böyük bir xəyanət idi. Daima Həsənağanı bu işdən daşındırmağa çalışırdım. Onu öz yanıma çağırıb, nəsihət verdim. O utandığından bu xüsusda mənə heç bir söz demədi. Həsənağa mənə verəcəyi cavabları gedib Ninaya demişdi. Onun özünün dediyinə görə Ağa Qasımın qızı Nazənin onu sevir. Hələ Həsənağa onun atasının yanına elçi göndərmədən əvvəl onlar qızla görüşüblərmiş. Onlar bir kərə «Dəllaləzən» ağzında, bir dəfə Hacı Səfər Əli Mədrəsəsinin qapısı arasında misgər bazarının ağzında görüşmüşlər. Nazənin, hətta Həsənağanı görmək üçün Gəcil qəbiristanına, Acıdan qapısına da gələrmiş. Həsənağanın dediyinə görə atası qızı öz razılığı ilə verməzsə, Nazənin özü də qoşulub qaçmağa söz vermişdir. Qızın çox gözəl olduğu, mütəqabil sevgi olduğu üçün Həsənağanı bu yoldan qaytarmaq mümkün deyildi. Mütəqabil sevgiyə mane olmağımı Nina da çox kəskin bir surətdə tənqid edirdi. Həsənağa məni gözləyirdi. Mənim razılığımı almadan Ağa Qasımın yanına elçi göndərməyə də utanırdı. Nəhayət, razı oldum. Adam göndərildi. Ağa Qasım imtina etmədən qızı verməyə razı oldu. Üzük, paltar və sair şeylər də hazırladıq Həsənağa və anası Təhminə xanım gəlinləri Nazənini tez köçürüb gətirmək istəyirdilər. Lakin qızın atası Ağa Qasım toy məsələsini bu gün-sabaha salırdı. Buna səbəb də Rəhim xanın Təbriz üzərinə hücum etmək üçün hazırlanması idi. Ağa Qasım məsələni ləngitməyə, Rəhim xan məşrutəni dağıdarsa qızı verməkdən boyun qaçırmağa çalışırdı. O, hətta qızın Həsənağaya görünməsini də qadağan edirdi. Nəhayət, Bağır xanın hücumundan sonra Rəhim xanın Bang bağına qaçması Ağa Qasımın ümidlərini alt-üst elədi. Nə edəcəyini şaşırdı. Digər tərəfdən də Həsənağa onu hədələyir və tələsdirirdi. Toy başlandı. Bu gecə qız gətiriləcəkdi. Həsənağa isə məni və Ninanı aparmaq üçün özü gəlmişdi. Cümə axşamı, toyun axırıncı günü idi. * * * Həsənağanın toyu Toy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu. Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı. Gəlini çox dəbdəbə ilə gətirdilər, qadınlar olan otağa apardılar. Bir azdan sonra bayırda çox uca səslər eşidildi. Həsənağanın səsi də eşidilirdi. Ara qarışmışdı. Nə olduğunu öyrənmək üçün dayanmadım. Ninanı götürüb bizi qapıda gözləməkdə olan faytona mindirərək evinə apardım. Faytonla gəldikdə Əhrab tərəfindən şiddətli yaylım atəşlərinin səsi eşidilirdi. Burada böyük bir hadisə üz verdiyi şübhəsiz idi. Nina toyda qalxan hay-küy və ixtilaf və orada özünün necə qəbul edilməsi haqqında belə bir izahat verdi: – Mən otağa girəndə Həsənağanın anası Təhminə xanım qolumdan tutub evdə oturan qadınlara dedi: – Bu bizim Həsənağanın yoldaşının nişanlısıdır. Qızlar, gəlinlər ətrafımı aldı. Məni bir çocuq kimi tumarlayır və paltarlarıma əl çəkirdilər. Təhminə xanım isə: – Qızı yormayın, bəsdir! – deyə məni üstünə döşək salınmış bir sandığın üstündə oturtdu. Qızlar, gəlinlər hələ ətrafımdan çəkilməmişdilər. Onlar köynəyimə, şarfıma, saçıma, hətta başımdakı darağa qədər yoxladılar. Məni lazımi qədər təhlil etdikdən sonra hamısı birağızdan dedi: – Allah sənə də qismət eləsin. Sənin də toyunda oynayaq! Oynadılar, məni də aralığa çəkdilər. Lakin onların musiqisi ilə oynamağı bacarmadım. Oyunlar bitdi. Gəlini gətirməyə gedəndə məni də aparmaq istəyirdilər. Təhminə xanım isə – qızı incitməyin, – deyə məni onların əlindən aldı. Həsənağanın bacıları, gəlinin yerini xalça üzərində açmağa başladılar. Buna dövr deyirdilər. Gəlini gətirib bu döşəyin üzərində oturtdular. Qadın və qızlar dövrə vurub bunun ətrafında oturdular. Bunun üçün də döşəyə «dövr» deyirmişlər. Gəlinin cehizlərini yoxladıqda Ağa Qasımı söyürdülər; çünki çox fəqir və az cehiz vermişdi. Bir nəfər oğlan oynadı və gəlib gəlinin üzündən duvağı götürdü. Gəlinin üzünə ağ-sarı zər vərəqlər yapışdırıb başına parlaq cığ-cığa tökdüklərindən onun hər tərəfi parlayırdı. Üzünə baxanda insanın gözü qamaşırdı. Təhminə xanım gəlinə diqqətlə baxdıqda: – Vay, oğlumun evi yıxıldı! – deyə əli ilə dizlərinə vurdu. Evdə hay-küy qopdu. Mən gəlinin üzünə baxmağa maraqlandım, çünki Həsənağa öz nişanlısını çox tərifləmişdi. Baxdıqda məni heyrət götürdü. Onun bir gözü kordu. Başı keçəldi. Qadınlar bir-birinə baxıb deyirdi: – Bu Nazənin deyil, onun ögey bacısı Suğradır. Qız ağlayır və qorxurdu. Həsənağa gəlib məsələni bildi. Ağa Qasımı öldürmək üçün getdikdə ona mane olub qoymadılar. Təhminə xanım ağlayırdı. Qızları isə baş-gözünə vururdu. * * * Ninanı evinə yola saldıqdan sonra Əhrab tərəfindən gələn atışma səslərinin səbəbini öyrənmək üçün Səttar xanın yanına getdim. Eynüddövlənin gəlməsi, Rəhim xanın ümumi hücuma hazırlaşması, konsulxana tərəfindən hökumət qoşunu başçılarına verilən təlimat haqqında xəbər verdim. Səttar xan bu xəbərləri telefonda Bağır xana söylədi. Ehtiyatlı olmasını tapşırdı. Yardım lazımsa, bildirməsini rica etdi. Bağır xan «hazıram, heç bir şey lazım deyil», – deyə Səttar xanı arxayın etdi. Əhrab tərəfindən gələn gurultu get-gedə artırdı. Səttar xan evi dolaşıb oturdu. Bir qəlyan istədi. Bir neçə dəqiqədən sonra: – Bu nanəcib əhrablılar yaman vaxtda ixtilaf törətdilər, – dedi. Hayıf bu ad, bu şöhrət Nayib Əli və Kərbəlayi Məhəmməd kimi cahıllara! Bu iki qardaşın xatırını çox istərdim. Bunlar da məni yaxşı tanıyırdılar. Hərgah mən olmasaydım, şübhəsiz, onlar Əsgər Davatgəroğlu kimi alçaqlara qoşulub məşrutə əleyhinə çıxacaqdılar. Lakin məndən keçə bilmədilər. Ancaq mən bunlara nə qədər yaxşılıq etdimsə, hamısı hədər getdi... Əhrab məhəlləsinə yığışmış varlılar bu adamları yoldan çıxartdılar. – Sərdar, indi ki, bunlar pul və dövlət istəyirdilər razı salmaq və təmin etmək olmazdımı? – Mən bu iki qardaşa çox nəsihət etdim. Mümkün olmadı. Bunlar Əhrabı müstəqil bir hökumət kimi saxlamaq istədilər. Bütün dövlətlilər buraya yığıldı. Bunların himayəsində yaşadı. Bunlar «biz bitərəfik», deyə məşrutə düşmənlərini qanadlarının altına aldılar. Biz bu ordunu saxlamaq üçün Əhrabda oturanlardan bir qara şahı ala bilmirik. Hansı varlının yanına komissiyanın qəbzini göndərirəmsə, qəbzi aparanı tutub həbsə alırlar. – Doğrudan da, daxildə bu kimi düşmənləri qoyub xaricdəki düşmənlə mübarizə etmək çətindir. Bura bizim üçün ikinci Dəvəçidir. Bura atışma məntəqəsindən çox kənardadır. Buna görə də bütün varlılar, zənginlər, əks-inqilabçılar öz ailəsini Əhraba köçürmüşdür. Buraya yığılanlar, bunları himayə edən Nayib Məhəmmədlər onu bilir ki, mən rus konsulunun işlərə müdaxilə etməsinə imkan verməmək üçün Əhrab tərəflərində ixtilaf çıxarmaqdan çəkinirəm. Buna görə də onlar özlərini möhkəm hiss edirlər. Daha demirlər ki, mənə Səttar deyərlər. Mən səkkiz adamla hökumətin qabağına çıxmışam. Əhrab üstündə bütün məşrutə batsa da, dediyimi yerinə yetirəcəyəm. Mən varlıların pulu ilə qala şəklinə salınan Əhrabı dağıdacağam. Bu söhbət zamanı atışmalar daha da şiddət edirdi. 15 dəqiqə keçmədən Əhrab vuruşmaları haqqında Səttar xana raport gətirdilər. Raport gətirən mücahid Çərəndablı Teymur idi. O, belə raport verdi: – Məşrutəçilər Lilabad tərəfindən, Gəcil qəbiristanı həvalisindən Əhrabı əhatə etdi. Rasta küçə tərəfində qayrılmış darvazanı açmaq üçün yaxındakı məscidi işğal etdik. Darvazanın halqalarını qurşunla qırdıq. Darvaza başında durub güllə atanları aşağı tökdük. Bu hücumda Nayib Məhəmmədin və Nayib Əlinin evini mühasirəyə aldıq. Şiddətli atışma vardı. Atışma əsnasında Nayib Əli və qardaşının Gəcil qəbiristanı tərəfindən mühasirəni yarıb çıxdığı və bir nəfər mücahidi vurub öldürdüyü bəlli oldu. Onlar Küçə-bağ məhəlləsi ilə qaçırdılar. Bağlara və evlərə soxulub özlərini qurtarmağa çalışırdılar. – Sözü qısa elə! Sonra necə oldu? – Çox atışmadan sonra hər ikisi öldü. – Hayıf! Diri tuta bilməzdinizmi? – Sərdarın başı üçün heç mümkün olmadı. Çox səslədik. Bizi eşitmək istəmədilər. – Gedib meyidlərini adamlarına verin. Ev-eşiklərinə əl vurulmasın! * * * Bizim mücahid Həsənağanın toyu belə bir gündə vaqe olmuşdu. Həsənağanın bu müvəffəqiyyətsiz toyunun nə nəticə verdiyini və saxta gəlinin nə olduğunu bilmirdik. Nina Həsənağanın bu bədbəxtliyinə çox təəssüf edirdi. Neçə gündən bəri Təhminə xanımı da görməmişdi. Bizim balaca Məcid də xəstə idi. Uşaq atası, anası səngərdə öləndən bəri çox qəmli idi. Məcidin bu halı Ninaya da təsir etmişdi. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin «səfərə» getməsinə inanmırdı. Uşaq onların tələf olduğunu hiss edirdi. Nina uşağı çox sevirdi. Ona əlindən gələn qədər xidmət edirdi. Mən getdikdə Ninanın uşağa baxmaq üçün həkim gətirdiyini gördüm. Uşaqda elə bir xəstəlik yox idi. Nina onu məşğul etmək üçün cürbəcür şirin şeylər verdiyindən uşağın mədəsi xarab olmuşdu. Doktor dərman yazdı və yemək şeylərini, yemək vaxtlarını təyin edib getdi. Uşağın yeni xidmətçisi Səltənət bəyim samovarı gətirdi. Çay içdik. Məcidlə danışırdıq. Səltənət bəyimə isnişməsi və adət etməsi üçün onu dilə tuturduq. Qapı vuruldu. Həsənağa içəri girdi. Ayaq üstündə durub yerə oturmadı. Yer təklif etmədən oturan, daima nə varsa, götürüb yeyən, hətta çayı da özü töküb içən Həsənağanın ayaq üstə durub oturmaması bizə təəccüblü göründü. – Nə üçün oturmursan? – dedikdə Həsənağa utana-utana cavab verdi: – Nina bacını eşikdə çağırırlar. Nina dışarı çıxdı. Yanında üzüörtülü gənc bir qız, gülə-gülə içəri qayıtdı. – Bu Həsənağanın qadınıdır. – Necə qadınıdır? – Nazənindir. Həsənağanın sevdiyi qızdır. Həsənağa oturdu. Məsələnin nə yerdə olduğunu soruşdum. Həsənağa utana-utana söylədi: – Ağa Qasım ögey qızını Nazəninin yerinə göndərdikdən sonra Nazənini və kiçik oğlanlarını qadını ilə bərabər götürüb qorxusundan Dəvəçi məhəlləsinə qaçmışdı. Səhər tezdən qızı geri qaytardıq. Evdə yalnız 60 yaşında bir xidmətçi qadın qaldığı bəlli oldu. Qızı qoca arvada tapşırdıq. – Bəs Nazənin necə gəldi? – Özü xəlvətcə qaçıb gəlmişdir. Biz hamımız sevindik. Nina vaxtilə Nazəninə hədiyyə vermək üçün aldığı qiymətli şalı götürüb ona bağışladı. Barmağına bir dənə üzük taxdı. Nina Nazənini içəri otağa apardı. Bir azdan sonra Həsənağanı da otağa çağırdılar. Nə üçün çağırdıqlarını bilmədim. Bir azdan sonra Həsənağa qayıtdı. Səltənət bəyim axşam yeməyi gətirdi. Süfrəni düzəltdilər. Bir də gördüm ki, qabaqda Nina, onun arxasınca da Nazənin otağa girdi. Nazənin gəlmək istəmir. Nina onu çəkə-çəkə gətirirdi. Nazənin Ninanın bağışladığı şalı başına salıb yaşmaq tutmuşdu. Qız çox utanırdı. Həsənağa ona ürək verirdi: – Bura mənim qardaşım evidir. Utanma. Nina bacı da sənin kimi bir qızdır. O, heç də çəkinmir. Nazənin masanın bir guşəsində oturub Nina ilə bir yerdə yemək yeyirdi. O, doğrudan da, gözəl qız idi. Həsənağanı qəlbən, ruhən sevirdi. Nazənin dərs oxumuş, azərbaycanca, farsca yazıb oxumağı bilirdi. Atası müəllim gətirib onu evdə oxutdurmuşdu. Səltənət bəyim Nazəninə çox əyri-əyri baxırdı. O, təbrizli qızının üzünü açdığını, hətta onun gənc ərinin buna ixtiyar verməsini böyük bir bidət bilirdi. Buna görə də acıq edib şam da yemədi. * * * Şahzadə Eynüddövlənin Ərdəbildə ordu təşkil etməsi, Nəsrüddövlənin Tehrandan 7 min nəfərlik bir ordu ilə Təbriz üzərinə gəlməsi xəbəri rus konsulxanasında böyük ümidlər doğurmuşdu. Nina bu xəbərləri gətirdikdən sonra mən Səttar xanı gördüm, yenə də onun diqqət-nəzərini taxıl məsələsinə cəlb etmək istəyərək: – Sərdar, – dedim, – şəhərin alınmasına, düşmənin silah gücünə bizi təslim etdirə bilməsinə inanmıram. Təbriz küçələrinin darlığı və evlərin sıx düşməsi burada böyük ordu hərəkətinə imkan verməz. Bombalar və sairələrlə düşmənin qabağını saxlamaq mümkündür. Lakin aclığın qabağını saxlamaq mümkün deyildir. Şübhəsiz ki, şəhəri sıx bir sürətdə mühasirə altına alacaqlar. Nə qədər ki, fürsət vardır, hər yerdə taxıl varsa, şəhərin içərisinə daşınmalıdır. Səttar xan başını buladı: – Tacir qismi elə həyasız ünsürdür ki, dəmir hasarları yarıb şəhərə taxıl gətirər. – Gətirsə də elə qiymətə verər ki, almaq mümkün olmaz. Xüsusən şəhərdə nəqd pul ələ keçirmək mənbələri getdikcə azalır. – Necə yəni azalır? – Əbəttə, azalır. Varlılar çıxıb gedir. – Əcəba, xalqın yolunu kəsə bilərikmi? – Kəsə bilərik. Hazırda inqilabın gedişi bunu tələb edir. Bütün dövlətlilərin anbarlarını siyahıya almaq, onların şəhərdən çıxmasına imkan verməmək, onları burada girov saxlamaq lazımdır. – Nəyimizə lazımdır? – Onlar bizim əlimizdə olursa, hökumət ordusunun başında duranlara bir çox şərtlər qəbul etdirə bilərik. Xüsusən bunlar əlimizdə olursa, düşmən şəhəri bombardman etməkdən də çəkinər. Səttar xan bir az düşündükdən sonra bu fikirlərin hamısını təsdiq etdi. O heç vaxt öz səhvini inkar etməz, səhvini həqiqət deyə qəbul etdirmək üçün inad göstərməzdi. Bütün dediklərimiz Əncüməndə səsə qoyuldu. Lakin heç biri qəbula keçmədi. Səsdə əksəriyyət qazanmadıq. İnqilabın rəhbərlikedici heyətində tərəfdarlarımızın səsi çox azdı. * * * Sülh heyəti Eynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi. Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi. Şəxsən Səttar xanın mübarizə üsulunda inqilaba və onun əsl məqsədlərinə zərər verən cəhətlər də az deyildi. Mücahidlər kimlərlə atışdığını, hansı qüvvəyə qarşı mübarizə apardığını o qədər də bilmirdi. Mən heyətin gəlməsi haqqında Səttar xanın fikrini öyrənmək istədim. – Heyət çox təntənəli qarşılandı. Bu isə əhalinin Eynüddövləyə olan etimadını və rəğbətini göstərir, – dedim. – Siz bu kütlələrə hansı sinfin yolunda mübarizə apardıqlarını öyrətməlisiniz. Kütlələr inqilabın nə mahiyyətdə olduğunu düşünsələr, daha yaxşı mübarizə apara bilərlər. – Kütlələr inqilabın mahiyyətini çox gözəl bilir. Bu vuruşma dövlət tərəfində olanlarla dövlət tərəfində olanların düşmənləri arasında gedən bir müharibədən ibarətdir. – Sizin dediyinizə görə inqilabın burada heç bir vəzifə və rolu yox imiş. – Bəzən inqilab iki qüvvənin birinin əlində alət olmaq vəzifəsini daşıyır. Bu da məcburidir, çünki inqilabın özü də bu iki qüvvədən istifadə etmək məcburiyyətindədir. Mən daha danışmadım. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub uclarını ağzına təpərdi. Sərdar Əhrab məhəlləsinə getməli idi. Burada Eynüddövlənin heyəti ilə görüşəcəkdi. Mən dışarı çıxdıqda o məni dayandırdı. – Səbir edin. Bir yerdə gedək, – dedi. Dayandım. Sərdarı bir çox yerlərə gedəndə görmüşdüm. Lakin bugünkü gedişi tarixi və başqa bir gediş idi. Səttar xanı Əhrabda heyətlə görüşmək üçün aparmaqdan ötrü təntənəli bir alay düzəlmişdi. Bu gün Səttar xan faytona əyləşmişdi. Yanında yavərləri (yaxın və inandığı adamlar) oturmuşdu. Mən başqa bir faytonda idim. Səttar xan heyətin iclasına çox təxirlə getdi. Bu adət İran kübarları arasında ən işlənmiş və tanınmış adətlərdən biridir. Böyük adamlar daima məclisə təxirlə gedərlər, çünki onların fikrincə, məclisə tez getdikdə sonra gələnlərin ayağına qalxmaq lazım gəlir, bu isə kübar bir simanın nüfuzunu azaltmış olur. Səttar xanın gəlməsi xəbəri eşidildikdə heyətin iclasına toplaşanlar onu təntənəli bir surətdə qarşıladılar. İçəri girdikdə heyət üzvləri ayağa durdu. Səttar xan əyləşəndən sonra onlara müraciətlə: – Zəhmət çəkməyin, əyləşin, – dedi. Onlar əyləşdilər və Sərdarın kefini soruşdular. Sərdar isə təşəkkür etdi. Heyətdən Rəşidülmülk sözə başladı: – Cənab şahzadə Eynüddövlə sülh üçün gəldiyini və Azərbaycan əhalisinin rahatı yolunda çalışacağını sizə xəbər vermək üçün bizi sizin hüzurunuza göndərmişdir. Qibleyi-aləm Azərbaycan əhalisinə əfvi-ümumi vermək üçün cənab şahzadəyə xüsusi tapşırıqlar vermişdir. Məclisdə oturanlar Səttar xanın bu sözlərə verəcəyi cavabı səbirsizliklə gözləyirdi. Səttar xan sözə başladı: – Qibleyi-aləm bizim atamızdır. Biz ona qarşı üsyan etməmişik. Buna görə də cənab şahzadə birinci növbədə Təbrizi bu ağır vəziyyətə salan Rəhim xan və bu kimilərin cəzasına çatdırmalıdır. Bu cavab məclisdə oturanların təəccüblərinə səbəb oldu. Onların bir çoxusu bir-birinin qulağına gizli sözlər pıçıldamağa başladı. Zira burada Səttar xanın inqilabi simasızlığı özünü göstərmiş oldu. Camaat padşahın, doğrudan da, böyük ata olduğunu, üsyanın padşah üzərinə olmadığını zənn etdi. Bir çoxları da: «Belədir ha. Sərdar çox doğru söylədi. Padşahda nə taqsır vardır? Bu cür işləri düzəldən beşaltı lotu-potudur», – deyə Sərdarın sözlərini təsdiq etdilər. * * * Üç gündən bəri Sərdarın görüşünə getməmişdim. O məni adam göndərib çağırtdırdı. İncidiyimi bilirdi. O mənim hiddətimi soyutmaq istəyirdi. Biz ondan narazı qaldıqda etiraz etməzdik, çünki o, çox əsəbi idi. O bizim etirazımızı yalnız görüşünə getmədiyimiz vaxt bilirdi. O mənə müraciətlə: – Hərgah iş Məhəmmədəliyə (şaha) qalarsa, onunla düzəlişmək çox da çətin deyil. Lakin onu əhatə edənlər öz bildiklərini edir və heç kəsə də qulaq asmırlar. Burada başqa cavab vermədim. Əlimi atıb cibimdən Məhəmmədəli şahın Eynüddövləyə vurduğu teleqramı çıxardım. Teleqram Eynüddövləyə yetişmədən əvvəl rus konsulunun casusları tərəfindən konsulxanaya gətirilmişdi. Haman teleqramı konsula yetişmədən Mirzə Əlekbər xan mütərcimin masası üzərindən Nina götürüb mənə vermişdi. Teleqramda Məhəmmədəli şah Eynüddövləyə əmr edir ki, «Təbrizin daşını daş üstə qoymamalısan». Teleqramı Səttar xana verdim. Heç bir söz demədi. Çox fikirdən sonra başını tərpədib dedi: – Çox təşəkkür edirəm. Hər təşkilatımız belə işləsəydi, inqilab heç bir çətinlik çəkməzdi. * * * Eynüddövlə Sahib-divan bağında yerləşərək hər gün sülh heyətini göndərib boşboğazlıq edirdi. O bununla vaxt qazanıb Şatranlı və Tehran ordusunun tamamilə Təbriz ətrafında toplanmasını gözləyirdi. Bu məsələni Sərdara dəfələrlə dedik. Eynüddövlə hazırlığını bitirməmiş ona hücum etməyi və darmadağın etməyi lazım gördük. Səttar xan buna razı oldu. Bağır xan bu fikri təsdiq etdi. Məsələ şurada müzakirə edildikdə mollalar və mollatəbiətlilər buna razılıq vermədilər. – Təbriz müdafiə halındadır. Hücum edib müsəlmanları qırdırmaq cayiz deyildi! – dedilər. Hələ bir çoxları, hətta Səttar xanın özü də Eynüddövlənin hücum edib-etməyəcəyinə şübhələnirdilər. Bu şübhəni tezliklə rədd etdik. Şahzadə Eynüddövlə hazırlığını bitirdikdən sonra Təbrizi bombardman edib dağıdacağı və «əşrarı» təslimə almaq istəməsi haqqında rus konsuluna xəbərdarlıq vermişdi. Bu xəbərdarlığın bir üzü Peterburqa, bir üzü Tehrandakı rus səfirinə göndərilmiş, üçüncü surətini isə Nina konsulxanadan bizə gətirmişdi. Eynüddövlə xəbərdarlıqda belə deyirdi: «Millət, məmləkətin rahəti və beynəlmiləl qanunları mühafizə üçün şahənşah hökuməti Təbriz şərarətçilərini təsviyə etmək üçün məni Azərbaycana göndərmişdir. Bu gündən etibarən Azərbaycan hökumətini idarə etməyə başlayıram. Təbriz əşrarına rahat yaşamaq və silahı təslim etmək üçün dəfələrlə müraciət etdiksə də, fayda vermədi. Təbrizi qəti mühasirəyə almağı, silah gücünə təslim etdirməyi qərara aldım. Buna görə rus dövlətinin bütün təbəələri və dövləti-bəhiyyənin himayəsində onların mənəvi və maddi cəhətdən müdafiə olunacağını xəbər verirəm. Şəhər bombardman olunduğu vaxt Rusiya təbəələrinin Lilabad və Əhrab tərəflərinə çəkilmələri barəsində cənab general-konsul əlahiddə təşəbbüsdə olmalıdır. Şənbə. 21 şəhri-rəcabəlmürəccəb. Şahzadə Eynüddövlə» Bu müraciətnamədən bir gün sonra Eynüddövlə işə başladı. Böyük topları çəkmək üçün yerlər hazırlanması, hücum yerlərinin təyin olunması xəbərini Nina gətirdi. Əmrəxiz məhəlləsinin axırında böyük toplar yerləşdirilmişdi. Bu toplar Səttar xanın mərkəzini havaya sovurmaq üçün qoyulurdu. Hacı Mir Bağır Sərrafın bağının dalında, Hacı Kazım Nayibin hamamının qarşısında da böyük və yeni toplar yerləşdirmişdir. Hökumət qüvvələri inqilabı boğmaq üçün ciddi hazırlıq apardığı zaman, inqilabçılar buna heç də diqqət vermədən şəxsi işlər, şəxsi ədavətlərlə məşğul olurdular. Tam belə bir zamanda əncümənin Mərənd məbusu Hacı Cəlil mücahidlər tərəfindən öldürüldü. * * * Axşama az qalmışdı. Şəhər sakit idi. Heç bir tərəfdən silah səsləri eşidilmirdi. Sərdar da xəstə idi. Onun Hacı Cəlil məsələsindən əsəbləri xarab olmuşdu. O, inqilab sırasında gedənlərin şəxsi ədavət işlətdiklərindən razı deyildi. O bunun qarşısını ala bilmirdi, çünki vaxtında buna diqqət edilməmişdi. Mən Ninanı da hali-təbiisində görmədim. Onun ruhu çox düşgün idi. Yenə də baxışından fəna bir xəbər eşitdiyini oxumaq olurdu. O məni görən kimi divanın üstündə oturdu, mənə də – otur! – dedi. Oturdum. Məcid yaxşılaşmışdı. Gəlib oturdu. Nina sözə başladı: – Mən çoxdan bəri deməyə hazırladığım bir sözü bu gün deməyə məcburam. Mən əvvəlcə inqilabın içinə girməmişdim. Bütün daşıdığım vəzifələri sizə olan səmimi əlaqəm səbəbinə ifa edirdim. Çox keçmədi ki, mən özüm inqilabın ruhuna girdim, onda öz duyğum və vicdanımla vəzifə götürdüm. Bizim vəzifəmiz səngərdə vuruşmaqdan daha qorxuludur. Biz qorxulara nə üçün qatlaşırıq? – Əlbəttə, gələcəkdə inqilabın qələbəsi üçün. – Çox təəssüf edirəm ki, bu inqilabın qələbəsi yoxdur, çünki inqilab cərgəsində duranların doxsan faizi inqilabçı deyildir. Bu gün konsulxanada inqilabın başında duran və dəyərli simaları haqqında danışıb gülürdülər. Bir çox xırda mülkədarlar, alış-verişçilər, ruhanilər, hətta böyük sərvətdarlar belə inqilabın kölgəsində dolanır və öz mənfəətlərini bununla müdafiə edirlər. Sizdən soruşuram: – Ağa Rza gəncəlilər kimdir? – Onlar bizim mülkədardır. Torpaq üstündə başlanan üsyanın qəhrəmanı olan Haqverdinin qatilləridir. Bunlar Gər-gər və Baxşayiş kimi kəndləri yeyib, indi də Gər-gərin qonşusundakı Ələmdar kimi bir şəhəri qəsb etmək istəyirlər. – Bu cür qatilin adını da mücahidlərin sırasında oxuyub gülürdülər. Mən bilirəm ki, mücahidlər sırasında təmizlik aparılmadan heç bir qələbə əldə etmək olmaz. – Bu da mümkün deyildir, çünki o vaxt Səttar xanın başında çox az adam qalar. – Camaat avam, başdakılar elmsiz, tənbəl, xeyrini biləndir. Bununla siz haraya getmək istəyirsiniz? Mən bu sözləri dinləyib nə cavab verəcəyimi bilmirdim, çünki Nina mühiti lazımi qədər öyrənmişdi. O bizi çox gözəl tanıyırdı. Ona daha başqa cavab vermək olmazdı. Nina dediyi sözlərin eynini bu gün çıxan «Mücahid» qəzeti də yazmışdı. Qəzeti çıxardım. Ninaya tərcümə etməyə başladım. «Nəmişəvəd! Bəndə hər vəqti ki, cəhalət və ətaləti-mərdumra mibinəm, hər vəqti ki, laqeydi vəs kəsalətiyi-sərpərstanra mülahizə minumayəm, bilaixtiyar miguyəm ki nəmişəvəd». Nina bundan sonra daha tənqid etməyirdi. Yorğunluğu gözlərinin altında düşən qara halqadan bəlli olurdu. Doğrudan da, Ninanın öhdəsinə götürdüyü vəzifə həddindən artıq ağır idi. Onun mübarizə apardığı ünsürlər çox sadə və aciz adamlar deyildi. Bu gənc qız Babayev Fətulla xan kimi casusluq və xəfiyyəçilik məktəbi keçən, Mirzə Əlekbər xan kimi məşhur bir diplomatla baş-başa vurur və onların əlindən gizlin sirləri qapmağa çalışırdı. Nina bu günə qədər öz işində nə səhv etmiş, nə də tənbəllik göstərmişdi. Bütün sirləri ələ gətirmişdi. Çox danışılası sözlər vardı. Ninanın xəstəliyi uzun söhbətə müsaidə vermirdi. Buna görə də saat birdə qalxıb getmək istədim. Nina məni qapıya qədər yola salaraq: – Bəlkə də, mən sabah işə çıxmadım. Nahar yeməyinə evə gələrsiniz, – deyib qayıtdı. İki gündən bəri Tütünçüoğlunu görməmişdim. Onu evindən soruşmaq üçün yolumu Əhrab məhəlləsindən saldım. Qapılarını döydüm. Anası Nazlı xanım qapıya gəldi. Məni görüb oğlunu soruşdu: – Mən onu iki gündür görməmişəm! – dedikdə Nazı xanım ağlayaraq: – Sallax Süleyman onu aldadıb aparıb. Qorxuram başına bir iş gəlsin. Oğlumu səndən istəyirəm, – dedi. İndi onu kimdən xəbər almalıyam? Təbriz böyük, gecə saat ikinin yarısı. Burada kimi tapmaq olar? Qadına xatircəmlik verib qayıtdım. Mən Küçə-bağ tərəfə getməyə başladım. Sərhəngzadəyə rast gəldim. Tütünçüoğlunu soruşdum. O, Sallax Süleymanla gördüyünü, yaxın evlərin birində kef çəkdiklərini xəbər verdi. Sərhəngzadəni qaytarıb düz-doğru kef məclisi qurulan yerə getdik. Qaranlıq bir dalandan keçdik. Sərhəngzadə dar və alçaq bir qapının çaxçaxını vurdu. Yoğunbığ bir kişi qapıya gəldi. Sərhəngzadəni tanıdı. Tütünçüoğlunun burada olub-olmamasını soruşduqda: – Bəli buradadır. Başqa qonaqlar da vardır. Buyura bilərsiniz, – dedi. – Xeyr! – dedim, – işimiz vardı. Yalnız Tütünçüoğlunu aparmaq üçün gəlmişik. O, qayıdıb getdi. Sərhəngzadə bunun köhnə mütrib saxlayan Səməd dayı olduğunu xəbər verdi və burada hər cür əxlaqsızlığın baş verdiyini söylədi. Bir azdan sonra Tütünçüoğlu, Sallax Süleyman və başqaları qapıya gəldi. Onlar bizi içəri aparmaq üçün olmazın andlar verdilər. Biz içəri girmək istəmirdik. Girməməyi də qət etmişdik. Lakin Sallax Süleymanın: – Qorxmayın, sizin başınızdan bir tük əskik olmaz! – deməsi Sərhəngzadəni içəri girməyə məcbur etdi, çünki öz iyidliyinə məğrur olan Sərhəngzadə Sallax Süleymanın bu sözünü heç vaxt götürə bilməyəcəkdi. Mən həm Sərhəngzadəni, həm də Tütünçüoğlunu tək buraxıb qayıtmağı vicdanıma sığışdıra bilmədim, çünki bunların hər ikisi mənim inanılmış tanışlarım idi. İçəri girdik. Kiçik bir xiyabandan dolanıb yarımqaranlıq bir dəhlizə girdik. Səməd dayı pərdəni qaldırıb «buyurun!» dedikdən sonra içəri girdik. Kiçik bir otaq böyük lampalarla işıqlanmışdı. Otağın quruluşu buranın yalnız kef üçün düzəldiyini göstərirdi. Otaqda xalçadan, şərab şüşələrindən, piyalələrdən, mizlərdən, tardan, kamançadan başqa şey gözümə dəymədi. Otaqda bizdən başqa 6 nəfər müsəlləh adam vardı. Hər nəfərin də yanında üzüörtülü bir qadın əyləşmişdi. Biz içəri girdikdə hamı ayağa qalxdı. Birağızdan: – Səfa gətirmisiniz, gözümüz üstündə yeriniz vardır, – deyə yer göstərdilər. Mən hər ehtimala qarşı hazır olmaq üçün pəncərənin qabağında oturdum. Yanımda rus naqanı, iki dənə də kiçik əl bombası vardı. Bizə içki təklif etdilər. İçkiyə meylimiz olmadığını söylədik. Bunlar içirdilər. İçkiləri yalnız araqdan ibarət idi. Hər kəs piyaləni araqla doldurub yanındakı qadın aşnasına verirdi. Qadın isə üzündən ağ örtüyün ucunu qaldırıb piyaləni içir və geri qaytarırdı. Deyəsən, yemək şeyləri yox idi. Hamı içdikdən sonra şor qabaq toxumu çırtlayırdılar. Bizə çay gətirdilər. Aralıqda qızarmış odla dolu bir manqal da qoyulmuşdu. Qadınlardan birisi tiryək çəkirdi. Qadının özü hoqqanın ucunu rübəndin altında tutub sümürür, yanındakı kişi isə maşadakı odu hoqqanın deşiyinə yapışdırılmış tiryəkin üzərinə tutmuşdu. Bunların hamısı mücahid idi. Tüfənglərini oturduğum pəncərənin yanındakı bucağa söykəmişdilər. Sərxoşluq artırdı. Onlar özlərini ağır tutmağa çalışsalar da, sərxoşluq buna imkan vermirdi. Mən və Sərhəngzadə Tütünçüoğlunu qaldırmaq üçün bir neçə kərə işarə etdiksə də, mümkün olmadı. İçki davam edirdi. Bu halda dörd nəfər qadın içəri girdi. Qadınların biri oxuyan, ikisi tar-kamança çalan, dördüncüsü isə rəqqasə idi. Qabaqca çalıb-oxudular. Oxuyan qadını «Dilaram» deyə səsləyirdilər. Qadının bir azca çopuru vardı. Buna baxmayaraq, gənc və məlahətli idi. Qiyafəsi iranlı qiyafəsi deyildi. Tehranlı olduğunu söyləyirdilər. Hafiz Şirazinin qəzəllərini çox düzgün oxuduğundan savadlı olduğu aydın idi. Fars qızı idi. Azərbaycanca danışa bilmirdi. «Mən oxuyar», «mənim bilmirəm» kimi sözlərlə azərbaycancanın qol-qabırğasını qırıb danışırdı. Sonra rəqqasə də ortalığa düşüb oynadı. Qollarını çirkin bir tövrlə sallayaraq oynayırdı. Məhəmmədağa adlı bir gənc iki qadının arasında oturmuşdu. Məhəmmədağa çox kefli idi. Əlini atıb yanındakı qadının örtüyünü götürdükdə: – Vay sənin məzhəbini... Tutu sənsənmi? – deyə əlini xəncərinə atdı. Sallax Süleyman isə bunun xəncərini alıb özünü döydü. Tutunun Məhəmmədağanın qadını olduğu və Sallax Süleymanla kefə gəldiyi aydınlaşdı. Bir neçəsi durub Məhəmmədağaya kömək çıxmağa başladı. Mən burada böyük fəlakət törəyəcəyini, heç olmasa qadınlardan bir neçəsinin tələf olacağını yəqin etmişdim. Vuruşma qızışdı. Hamı yüyürüb bucaqdan tüfəng götürmək istədikdə ayağa durdum, bombanı çıxardım: – Əllərinizi yuxarı qaldırın! Yoxsa hamınız tələf olacaqsınız! – dedikdə hamısı yerində quruyub qaldı. Sərhəngzadə onların hamısını tərk-silah etdi. Silahları götürüb mənim mənzilimə yola düşdük. * * * Səhər saat 10-da İnqilab Şurasının iclası çağrılmışdı. Çoxdan bəri evinə qapanmış Hacı Mehdi ağa da iclasda iştirak edirdi. Yenə də taxıl və mücahidlər sırasında təmizlik aparmaq məsələsi müzakirə olunurdu. Mən gecə gördüyüm rüsvayçılıqdan, mücahidlərin sərxoşluq və əxlaqsızlıq etməsindən söz açıb təmizlik aparmaq haqqında danışdım. Hacı Mehdi ağa danışdı. Səttar xanın danışdıqları yenə də həmişəki sözlərdən ibarət idi. «Biz təmizlik apara bilmərik. Pis vaxtdır. Biz əllaf deyilik. Buğda ticarəti ilə məşğul olmağa vaxtımız yoxdur. Hər kəsin taxılı varsa satacaqdır. Ölüsünün goruna tökməyəcəkdir ki» – deyə əvvəlki sözlərini təkrar edirdi. * * * Təbriz üzərinə hücum Nina faytonda gedirdi. Onu konsulun nökərlərindən biri yola salırdı. Bu vəziyyət, yaxında bir təhlükənin meydana çıxacağını göstərirdi. Mən tələsik Ninanın yanına getdim. Evinə girdikdə, o, hələ paltosunu çıxarmamışdı. Onun həyəcan və iztirabı köksünün döyünməsindən və tövşüməsindən bəlli olurdu. Məni görən kimi: – Bu gün işi bitirəcəklər. Rus himayəsində olanlar Eynüddövlənin istiqbalına hazırlanırlar. Ziyafətdə iştirak edənlərin siyahıları da tutulmuşdur. Bir azdan sonra ümumi hücum başlanacaqdır, – dedi. Biz bu söhbətdən sonra ayrıldıq. Nina Mirzə Əlekbər xanın evinə, mən isə İnqilabi Şuraya getdim. Saat 12-də yaylım atəşi açıldı. Bağır xan Səttar xanı istəyirdi. Bağır xan ümumi hücum başlandığını xəbər verib bombaçıların göndərilməsini rica etdi. Səttar xan atlandı. Bombaçılar da 20 dəqiqə əvvəl cəbhəyə getmişdilər. Biz də getdik. Müharibə Xiyaban məhəlləsindən başlayıb Əmraxiz məhəlləsinə qədər 7 kilometrlik bir məsafədə gedirdi. Bir-birinin qarşısında qurulmuş bütün səngərlərdən atəş açılırdı. Düşmən bütün gücünü Bağır xan qüvvələrinin yerləşdiyi Xiyaban cəbhəsinə toplamışdı. Gün batanda Eynüddövlənin Şatranlı atlıları şiddətli hücuma keçdi. Eynüddövlənin topları Xiyabanın hər tərəfini döyməyə başlamışdı. Bağır xanın topları da cavab verirdi. Şatranlı atlıları dar keçidlərdə qurulmuş səngərləri ala bilmədilər, 25 nəfər tələfat, bir çox yaralı verdikdən sonra çəkilməyə məcbur oldular. Xiyaban müharibəsi davam etdiyi zaman, İstanbul darvazası tərəfindən ağır top atışmaları eşidilirdi. Əmraxiz mühitini qalın barıt tüstüsü bürümüşdü. Mən ancaq bu gün Səttar xanın möhkəm, şaşırmaz və arslan ürəkli bir zat olduğunu gördüm. Səttar xan atlı olaraq 7 kilometr məsafədə düşən harbi cəbhəni bir kərə deyil, dəfələrlə gözdən keçirir, əmrlər verirdi. Biz hələ Xiyaban cəbhəsində məşğul ikən İstanbul darvazası cəbhəsində Eynüddövlə ordusunun az bir tələfatdan sonra çəkilməyə məcbur olduğu xəbərini gətirdilər. * * * Bu gün Ninanı vədə verilmiş vaxtda görə bilmədim. Barmağım yaralanmışdı. Onu bağlatdırınca axşam saat beş olmuşdu. Yaralananlar xəstəxanaya, ölülər isə yaxındakı məscidlərə toplanırdı. Saat beşdə Ninanın evinə getdim. Nina məni görərkən «nə var, nə yox?» – deyə sözə başladı. – Eynüddövlədən xəbərin oldumu? – Təzə xəbərmi var? – Eynüddövlə bugünkü müharibədən sonra Sahib-divan bağında oturmağın təhlükəli olduğunu görüb Nemətabada çəkildiyini general konsula xəbər verdi. – Yalnız bumu? – Eynüddövlə öz göndərdiyi xəbərində belə deyir: «Təbriz ətrafında duran hökumət ordusu çürük bir qüvvədir. Bu cür bir qüvvə ilə Təbrizi götürməyin mümkün olmadığı mənə məlum oldu. Şahsevən, Maku, Xoy, Qaradağ, Tehran, Bəxtiyari, Devran, Keygavənd, Xəmsə, Sərab qoşunları gəlib çıxdıqdan sonra hökumət ordusunun miqdarı 40 minə varacaqdır. Hazırda Təbriz içərisində olan müsəlləh qüvvələr, hökumət ordusundan miqdarca bir neçə kərə artıqdır. Bunlara mövqelərinin möhkəmliyi də yardım edir. Xüsusən inqilabçıların əlində fişəng və bomba qayıran maşınlar olduğu üçün hücum edən qüvvələrə çox tələfat verirlər». Nina bunları danışırkən onun inqilaba nə qədər dərin bir rəğbət bəslədiyini görüb mən çox sevinir və bu qəhrəman qıza fəxrlə baxırdım. Nina danışdıqca onun keçmişi gözümün qarşısında canlanırdı. Yanımda iki Nina görürdüm. Bunun biri siyasət bilməyən, qəzet oxumayan Nina, ikincisi isə bütün varlığını inqilaba və əzilmiş kütlələrin səadəti yolunda mübarizəyə qurban verməyə hazır olan Nina idi. Mən onu daha da şadlandırmaq və əmin emək üçün inqilab qüvvələrinin yerləşdiyi mövqelər haqqında məlumat verməyə başladım. – Eynüddövlənin Əmiraxiz üzərində hücumunu qırmaq və bütün hücum dairəsini atəşə tutmaq üçün Hacı Mir Bağır bağının yanlarında yeni sistemli ağır toplar yerləşdirilmişdir. Bunlardan çox qabaqda yeri heç vəchlə düşmənə məlum olmayan iki uzaqvuran top qurulmuşdur. Bağır xan cəbhəsini təmin etməkdən ötrü Göy məscid və Maralanda da yeni toplar qoyulmuşdur. Ərk tabyələrində, Ərkin damında hücuma fürsət verməyəcək qədər ağır və yüngül toplar yerləşdirilmişdir. Vəziyyətin ağırlığını nəzərə alan Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri axın-axın gəlməkdədir. Bakı işçiləri inqilaba rəhbərlik etmək işinə çox yardım göstərirlər. Topları müharibə görmüş qafqazlılar idarə edirlər. Bomba, patron cəhətindən heç də korluq çəkilmir. – Əcəba, Səttar xan Qafqazdan gələnlərin rəhbərliyinə razı olurmu? – Razı olur, yaxşı əlaqə də saxlayır. Fəqət buna lazımınca əhəmiyyət verilmir. Bu da işlərin plan üzrə getməsinə mane olur. Səttar xan sosial-demokratların nə dediyini və buraya nə məqsədlə gəldiklərini indiyədək o qədər də anlaya bilməmişdir. – Bağır xan necədir? – O, nəinki Qafqazdan gələnlərə, hətta Əmiraxizdən gələnlərə, Səttar xanın özünə də əhəmiyyət vermir. O, yerli qafqazlılarla əlaqədədir. Biz bu adamların vasitəsilə ona yardım edirik. Bu nöqsanları nəzərə almayacaq olsaq, Bağır xanda çox böyük bir mətanət vardır. O, heç bir qorxu hiss etməyən adamlardandır. Bağır xan çətinlik artdıqca əzm və mətanətini artıran, ölümə vəhşicəsinə gedən, qurşunlara qarşı ağzını açıb irəliyə doğru bağıran bir adamdır. Bunda inqilabın ən qiymətli bir xüsusiyyəti vardır ki, o da kəskin iradəyə və yenilməz mətanətə malik olmasıdır. Gecə qaranlıqlaşırdı. Bir güllə səsi belə eşidilmirdi. Təbrizin kərpic damları yenə qalın dumanların qoynuna girib uyumuşdu. Bu heç də qurşun səslərindən arı yuvasına bənzəyən Təbrizə bənzəmirdi. Lakin Nina bu gecəni heç də uyumaq istəmirdi. Onda dərin bir ruh yüksəkliyi var idi. Bala Məcidimiz də hələ yatmamışdı. Mürəbbiyəsi Səltənət bəyim ona nağıl söyləyirdi. «Min bir gecə» dastanının qucağında doğulan Şərqin bu çocuğu da hekayəni dinləyir, kirpikləri saatın milləri kimi hiss edilmədən biri digəri üzərinə düşməyə başlayırdı. Divardan asılı saatın milləri bir-birinin üzərində durduğu və saat 12-ni vurduğu zaman Məcidimiz də qara kirpiklərini bir-birinin üstünə töküb Səltənət bəyimin qucağında uyumuşdu. Səltənət bəyim birinci İran pionerini yatağına aparırkən biz də Nina ilə uşağın gələcəyini düşünür və onu təmin etmək üçün planlar çəkirdik. Nina birdən-birə: – Aparacağam, – dedi. – O mənim oğlumdur. – Nina bu sözdən sonra yenə fikrə getdi. – Lakin bilmirəm, axırımız necə olacaqdır? – deyə başını çiynimə söykədi. – Qorxma, getdiyimiz yol əyri yol deyil, çox şərəfli yoldur. Bizə də bu lazımdır. O, daha dinmədi. Lakin bir azdan sonra haman sözünü bir daha təkrar etdi. Şübhəsiz ki, o bizim aramızdakı həqiqi əlaqənin sonunu bilmək istəyirdi. Lakin gənc və namuslu qız bunu aydın deməyə həm utanır, həm də cəsarət etmirdi. Zatən onda hər bir qadına məxsus olan soruşmaq, bir şeyi nə olursa-olsun öyrənmək, hətta kişidəki gizlin sirləri almağa çalışmaq kimi xasiyyətlər yox idi. Çox qəribə burasıdır ki, Nina mənim kim və haralı olduğumu da bilmirdi. Doğru adım, familiyam belə ona məlum deyildi. O soruşmayırdı. O, başqa qadınlar kimi kişilərdən gündəlik raport istəməyi sevmirdi. Mən isə gənc qızın gündəlik həyatını xoş keçirmək üçün imkan tapmırdım. Bunun üçün də mənə hər cəhətcə sıx əlaqə bağlamış gənc Nina nə edəcəyini bilmirdi. Onu bir çoxları sevirdi. Sevənlər isə ona hər bir imkan yarada biləcək adamlar idi. Onun ayaqları altına ipək xalçalar döşəyənlər, əlindən yerə buraxdığı dəyərsiz kağızları öpüb qoynunda yadigar saxlayan kişilər də var idi. Nina bunları nəinki rədd edir, hətta onları bir daha sevgi sözlərini təkrar etməmələri üçün təhqir edirdi. Buna görə də bizim müəyyən olmayan həyatımız onu darıxmağa və düşünməyə məcbur edirdi. Otağın içində dolaşırdı. Arabir şkafdan bir şey götürərək, masanın üzərinə qoyub yenə aparırdı. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bir-birini təqib edirdi. Axırda gəlib mənim yanımda oturdu. – Məni heç bir şey yormaz. Lakin çox düşünmək məni yorur, – dedi. Yenə də düşünməyə başladı. Ruh yüksəkliyinə malik olan bu qızın birdən-birə dəyişməsi məni heyrətə saldı: – Nəyi düşünürsünüz? Sizin üçün hər şey mümkündür. – Mənim üçün heç bir şey mümkün deyildir. Mənə mümkün olanlar hər kəsə mümkündür. Hər şey var, lakin heç bir şey də yoxdur. – Nə səbəbə yoxdur?! – Onun səbəbini məndə yox, özünüzdə aramalısınız! Nina yenə də açıq danışmağa utanırdı. Çöhrəsi tez-tez dəyişir və o dəyişmələrin hər biri onun ürəyində yeni bir fikir doğduğunu hiss etdirirdi. Güzgüyə baxmış olsaydım, şübhəsiz, öz çöhrəmdə də o vəziyyəti görəcəkdim. Mən də düşünür, öz-özümə sual verirdim: «Bu gözəl qız kimdir? Bu nə üçün və nə səbəblərlə mənimlə bu qədər sıx əlaqə yaratdı?! Bu zəngin və meşşan bir ailədənmidir? Bunun inqilaba olan bu sıx əlaqəsi bir sevginin nəticəsindəndirmi? Qız məni sevir, sevdiyi üçün də mən gedən yolu davam etdirməkmi istəyir? Mən buna nə üçün öz qarşılıqlı sevgimi bildirdim! Qızı nə üçün gələcək səadətindən məhrum edirəm? Bəlkə də, qız bir nəfərlə ailə düzəldəcək və səadətli günlər görəcəkdir». Bunları düşünərkən masa üzərində durmuş kiçik albomu götürüb vərəqləyirdim. Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı foto şəklini gözdən keçirdim. Müxtəlif vəziyyətlərdə aldırdığı şəkillərə də baxdım. Ona yadigar verilmiş mütəəllimə fotoları da, «qiymətli yoldaşımıza yadigar» yazıları ilə gözümə dəyirdi. Albom yarı olmuşdu. Albomda qoca, olduqca zəif, nəhayət dərəcədə fəqir paltarda olan bir işçi fotosu da gördüm. Bu şəkil mənim diqqətimi cəlb etdi. Nina çayı gətirib yanıma qoyduqda, gözü alboma sataşdı: – O fəqir mənim atamdır. Bu üstü-başı tökülmüş işçi bizim bəxtsiz ailənin başçısı idi. Bizim ailəmiz heç vaxt xoş gün görməmişdir. Mən özüm də görməyəcəyəm. Məni də düşündürən budur, – deyərək, məyus gözləri ilə baxırdı. Nina bunu deməklə, bütün keçmişin məlun dəqiqələrini sanki bir saniyədə xəyalından keçirdi. Qızardı, titrədi. Mən isə sevinirdim. Bu şadlıqdan ürəyim döyünərkən səsini belə eşidirdim. Mənim dostum, mənim inqilab yaldaşım olan Nina öz sinfi simasını aydıncasına göstərdi. Nina durdu, şkafdan kiçik bir çamadan çıxardı. Oradan atasının, anasının, bibilərinin, öz çocuqluğunun cürbəcür fotolarını göstərdi və izahat verdi. Nina bunlardan sonra öz həyatından çox qəmgin lövhələr söyləməyə başladı: – Atam toxucu fabriki işçilərindən idi. Riqa toxucu fabriklərində düzələn tətillərin hamısında təşkilatçı vəzifəsini aparırdı. O, ilin çox vaxtını xəstə yatırdı. Vərəm xəstəliyi vardı. Həyatımız çox ağır keçirdi. Təzə paltar geydiyimiz, yağlı və isti xörək yediyimiz çox az olurdu. Fabrik direktorları atamı görmək istəməzdi, çünki həmişə işçilərin tələblərini fabrik müdirlərinə atam təqdim edər və inad göstərərdi. O, tez-tez işdən qovulur və həbsə alınırdı. Atamın bacıları çox gözəl idi. Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışdı. Kiçik bibimi sud pristavı, böyük bibimi isə paroxod kapitanı almışdı. – Sizə yardım edirdilərmi? – Kapitanın övladı olmayırdı. O, biz iki bacını aclıqdan qurtarmaq üçün övladlığa qəbul etmişdi. Buna atam rəhmətlik razı deyildi. Anam isə «uşaqları acından öldürə bilmərəm» – deyə atamı buna məcbur etmişdi. Kiçik bibimin əri bizi yaxınına qoymazdı. Onun atamı görməyə gözü yoxdu. O, bibimi də qardaşına yaxın gəlməyə qoymazdı. Bir neçə kərə bunun üstündə bibimi boşamaq belə istəmişdi. O, həmişə öz tanışlarına rast gələndə – uşaqlarım olmasaydı, bu cür rəzil və xain adamın bacısını bir dəqiqə də olsa, evimdə saxlamazdım, – deyirdi. Kapitan belə deyildi. O bizi sevirdi, hərdən atama acığı tutanda: «Bu cür işlərdən çəkin, faydası yoxdur». Kapitan musiqini çox sevərdi. Onun üçün də bizi musiqi məktəbinə vermişdi. Məktəbi gözəl bitirdik, ictimai vəziyyətimiz nəzərə alınmasaydı, hər ikimizə qızıl medal veriləcək idi. Bizim məktəb bitirməyimiz 5-ci il inqilabının dəhşətli günlərinə təsadüf etdi. Atam bu inqilabda çox yaxından iştirak edirdi. İnqilab məğlub olduqdan sonra atamı həbsə aldılar. Ölüb-qaldığından xəbərimiz olmadı. bunun üçün də inqilabdan gözüm çox qorxmuşdu. İnqilaba qoşulan adamlara çox yazığım gələrdi. Atamın nə çəkdiyini görmüşdük. Bunun üçün kapitan daima bizə tapşırıb deyərdi: – Atanızın taleyindən ibrət alın! O bizi qəzet oxumağa qoymazdı. Biz yalnız musiqiyə aid əsərlər oxuyurduq. Ara-sıra romanlarla da məşğul olduğumuz vardı. Mən hərdənbir kapitanın kitablarını arayıb içindən quldurluğa, qəhrəmanlığa, vurub-yıxmağa, casusluğa aid kitabları tapıb oxuyurdum. Kapitanın özü də bu kimi kitabları sevirdi. O, daima səfərə çıxanda özü ilə bərabər belə kitablardan çamadan dolusu aparırdı. – Kapitan hazırda sağdırmı? – Yox sağ deyil. Atam qeyb olduqdan sonra kapitan da Dansik limanında balıqdan zəhərlənib öldü. Biz işləyib onun qadınını da saxlaya bilərdik. Lakin bizə iş vermirdilər. Dərs götürmək üçün bir çox yerlərdə anket doldururduq. Atamızı hökumət xaini adlandırıb, anketlərimizi geri qaytarırdılar. Yaşamaq heç də mümkün deyildi. Bibim ərinin ölməsi münasibətilə özünə veriləcək təqaüdü belə almaq mümkün olmadı. Onu da bizim bədbəxtliyimiz basmışdı. «Xain familiya»ya mənsub olduğu üçün təqaüd verməkdən boyun qaçırdılar. Anam günəmuzd dəmiryol stansiyasında vaqonlardan daş kömür boşaldırdı. Aldığı maaşla dolanmaq mümkün deyildi. Əynimiz-başımız tökülmüşdü. Dilənçi halında idik. Kiçik bibimin ərinə (sud pristavına) iş üçün, yardım üçün müraciət etdik. O bizi qovdu. «Qulluğuma, vəzifəmə zərəriniz toxunar. Mənə yaxın gəlməyin», – deyə bizi rədd etdi və məhv olmuş atamı da çox fəna sözlərlə xatırladı. – Evlərdə dərs götürmək mümkün deyildimi? – Dərs vermirdilər. Üst-başımıza baxıb ev sahibləri bizi qapıdan qaytarırdı. Nəhayət, paltar yumağa, uşaq dolandırmağa, başqa ev işləri görməyə razı olduq. Bir neçə aristokrat evlərinə işə girdik. Bu da uzun zaman davam etmədi. – Nə üçün? – Bəzən gözəlliyin özü də qadının bədbəxtliyinə səbəb olur. Bizi ev sahibləri və aristokrat qadınları öz ərlərinə qısqanmağa başladılar, bir həftə işləmədən bayıra atdılar. Çox tez-tez xidməti dəyişirdik. Lakin həmin səbəblə də bayıra atılırdıq. Hətta bəzi ailələrdə oğul ila ata arasında rəqabət başlanırdı. Bizə sevgi elan etdiklərindən evin başçısı olan qadın bu bəladan qurtulmaq üçün bizi evdən qovurdu. Xeyli vaxtdan sonra kiçik bibimin əri bizi xəlvətcə evinə çağırdı. Bir qəzeti əlində tutub dedi: – Təbriz rus konsulxanasında, konsulun uşaqlarına dərs vermək üçün iki nəfər musiqi müəlliməsi lazımdır. İran uzaq bir məmləkət olduğu və mədəni olmadığı üçün oraya gedən yoxdur, çünki xalqı çox vəhşidir. Əgər gedən olsaydı, bu elanı təkrar verməzdilər. Gedə bilərsinizsə, sabah gəlin, mən düzəldə bilərəm. Mən razı deyildim. Qorxurdum. İraida məni məcbur etdi, biz haman yerə getdik. Bizə iki yüz manat pul verdilər. Köhnə paltar satılan bazara gedib əynimizə münasib paltarlar aldıq. Anamın və bibimin yanında da xərclik qoyduq. Bir az para ilə yola düşdük. Riqadan İran hüduduna qədər paramız tamamilə bitmişdi. Hətta fayton və avtomobil parası belə qalmamışdı. Tamamilə çarəsiz bir halda idik. Sizə rast gəldikdə özümüzü itirmişdik. Biz Riqadan çıxandan bəri İranı cürbəcür şəkillərdə xəyalımıza gətirirdik. Meşələr, dağlar, quldurlarla dolu olan mağaralar, insanı tutub aparan vəhşi və ibtidai insanlar nəzərimizə gəlirdi. Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum. Mən heç vaxt inqilaba qoşulacağımı düşünməzdim. Fəqət sinfi duyğum məni atam gedən yola çağırdı. Bunun bir səbəbi də sənsən. – Nə kimi səbəb ola bilər? – Qadın nə olursa-olsun sevgi onun bütün düşüncələrinə hakimdir. Hələ indiyə qədər bu hakimiyyəti poza biləcək bir qadının olacağına şübhə edirəm. Mən bu hakimiyyəti birinci gündən pozmağa çalışdım. Mümkün olmadı. Sən öz inqilabi simanla da məni özünə bağladın. Lakin sən... Nina sözünün axırını demək istəmədi. O, yəqin ki, «Lakin sən məni, mənim kimi sevməyirsən» demək istəyirdi. Utandı, sözünü bitirə bilmədi. Nina məni birinci dəfə «sən» deyə səsləyirdi. Mənim onu sevdiyimi bilməmiş deyildi. Kim bilir, bəlkə, o məni daha artıq sevirdi. Hər nə olursa-olsun bugünkü Nina dünənki simasız və müəmmalı Nina deyildi. Nina hər halda öz sinfi düşmənini arayacaq və sinfinin getdiyi yol ilə gedəcək idi. Söhbətimiz çox uzanmışdı. Xoruzlar banlarkən «Səltənət bacı, gəl qapını bağla» – deyə Ninadan ayrıldım. * * * Qarətlər Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq. Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi. Həm Səttar xan, həm də Bağır xan buna razı oldu. Bütün qüvvələr gözdən keçirilirdi. Bu qüvvələr hücuma hazır bir vəziyyətdə idi. * * * Şəban ayının beşində, çərşənbə günü axşama yaxın hökumət ordusu səngərlərindən atışma başlanmışdı. Bu atışmalar hökumət ordusunun hücum üçün zəmin hazırladığını göstərirdi. Atışma səhər işıqlanıncaya qədər davam etdi. Səhərə kimi ayaq üstündə idik. Hər kəs nə edəcəyini bilirdi. Bomba atanlar öz yerlərini tutmuşdular. Hava işıqlanmağa başladıqda bir alay atlı, bir alay da piyada Xiyaban məhəlləsinin başından hücum edib Bağır xanın mərkəzinə doğru yüyürməyə başladı. Eyni zamanda bir alay piyada da Pürsəng və Mirzə Sadıq dalanı tərəfindən içəri soxulmaqda idi. Bu vuruşmalar Təbriz inqilabı həyatında birinci dəfə idi. Döyüş səhərdən saat 12-yə qədər davam etdi. Saat 11-də inqilabçılar hücuma keçdi. Əl bombaları müxtəlif qiyafəli və müxtəlif danışıqlı hökumət əsgərlərini sovurmağa başlamışdı. Hökumət qoşunları bir-birini yıxıb üzərindən atılıb qaçırdı. Qaçanlar da, qalanlar da Məhəmmədəli şahı söyür və pis-pis sözlərlə xatırlayırdılar. Bir qədər vuruşduqdan sonra inqilabçılar sərbazxana, mağazalar, topxana meydanı və alaqapıya qədər irəlilədilər. O biri tərəfdən Şeşgilan məhəlləsinin alınması da İnqilabi Şurada böyük şadlığa səbəb oldu. Mən haramxana tərəfindən hücum edən dəstələrin içərisində idim. Bu dəstə əl bombalarının yardımı nəticəsində Müctəhid küçəsinə girməyə müvəffəq oldu. Burada Hacı Mirzə ağa imamcümənin və onun qardaşı Ağa Mirzə Əlinin evini böyük atlı və piyada dəstələri mühafizə edirdi. Burada böyük bədbəxtlik üz verdi. Tam bir qələbə ərəfəsində duran inqilabçı dəstələr qarətlə məşğul oldular. Hamının başı qarətə qarışdı. Qabağını ala bilmədik. Böyük qalmaqal düşəcəyindən qorxduq. Düşmən geriyə qayıtdı. Bir çoxları tutuldu, öldü, qaçdı, mühasirədə qaldı. Bizim də bir çox yoldaşlarımız yaralandı. Düşməndən də 65 nəfər ölən vardı. Mən əlimdə bomba olduğu halda durub qarətçilərə baxırdım. Evlərdən çıxan şeyləri görməklə maraqlanırdım. Yanımda duranların dediyinə görə, vaxtilə belə bir qarət Nizamülüləmanın evində də olmuşdu. Müctəhidin evindən qəribə şeylər çıxarırdılar. Bu qarətə küçə camaatı, xüsusən qadınlar da qoşulmuşdu. Böyük bir xalçanı dörd adam tutmuşdu. Bunlar xalçanın üstündə dalaşırdılar. Nəhayət, birisi o birilərini xəncərlə yaralayıb xalçanı apardı. Yaralılar yenə də içəriyə qayıtdı. Əlinə bir şey düşən tez gedir, lazımı yerinə qoyur, yenə qayıdırdı. Uşaq beşiyi də aparan vardı. Uşağı beşikdən evdə açmaq mümkün olmadığından uşaqla bərabər çıxarmışdılar. Qapıda uşağı açıb yerə saldılar, beşiyi apardılar. 12–13 yaşında uşaqlar belə yastıq, balış daşıyırdılar. Yağ, bal, qovurma küpələrini barmaqlayıb yeyə-yeyə bayıra çıxarırdılar. İçəridən çox böyük gurultu gəlirdi. Ara-sıra tapança da açılırdı. Bu gurultu qiymətli şeylərin üstündə qalxırdı. Bahalı şeyləri hər kəs bir-birindən qapmaq istəyirdi. Evdən şey çıxaranların bir çoxunun ağzı, burnu əzilmiş və gözlərinin altı göyərmişdi. Bir çoxları da boş çıxırdı. Bunlar, qiymətli paltarları əyinlərinə geyib bayıra çıxanlardı, çünki bir çoxları içəri girməyib yalnız qapını kəsdirmişdi. Aciz adamların götürdükləri şeyi əllərindən alıb mənimsəyirdilər. İçəridən tar, kamança, dəf və sair musiqi alətləri çıxaranlara da təsadüf olunurdu. Birdən-birə qapıda bir qiyamət qopdu. Birinin arxasından yeşiyi vurub yerə saldılar. Yeşiyi sındırıb içindəki konyak şüşələrini ciblərinə soxmağa başladılar. İçəridən üzü ağ örtüklü bir qadınla bir kişi vuruşa-vuruşa bayıra çıxdı. Bu vuruşmanın nə üstündə getdiyi məlum deyildi. Qadın örtülü də olsa, kişinin vurduğu yumruqların cavabını verirdi. Axırda qadın kişinin əl çəkmədiyini görüb üzündəki örtüyü və başındakı çarşabı atdı. Kişini o ki, lazımdır döydü və özündən əl çəkməyə məcbur etdi. Qadının belində böyük bir tirmə şal vardı. Qadın içəridə bu tirməni belinə sarıyıb çıxdıqda bu kişi onun əlindən almaq istəyirmiş. Qadın üzü çil, burnu yekə, boynu qısıq, özü də kök və yumruca bir qadın idi. Bunun qəribə sifətlərindən birisi də bir əlinin xınalı, digər əlinin isə xınasız olması idi. Qiymətli şeylər daşınıb qurtardı. Artıq içəridən dəyərsiz şeylər çıxırdı. Bizim qarşımızda bir nəfər gənc durmuşdu, qarətdə iştirak etmirdi. O, daima qarətçiləri təşviq edib deyirdi: – Dağıdın bu həyasızın yuvasını! Mən bunun kim olduğunu soruşdum. «Kəlləpəzoğludur!» dedilər. Onu yanıma çağırdım. Bu təşviqin səbəbini soruşdum. O mənə belə cavab verdi: – Sağlıq olsa, görüşərik və bu işin səbəbini sizə deyərəm. Hələlik bu haramzadanın qardaşı Ağa Mirzəlinin də evini dağıtdırmaq lazımdır, – deyib getdi. Hələ qarət davam edirdi. Düşmən birdən-birə hücuma keçdi. Biz əlimizdə qalmış son bomba ilə özümüzü qurtardıq. İstanbul darvazası tərəfində də şiddətli müharibə gedirdi. Buradan biri digərinin dalınca şad xəbərlər gəlirdi. İnqilabçı dəstələrin irəli getdiyini və mühüm yerlərin əldə edildiyini eşidirdik. Qorxu və təşvişə səbəb olan bir cəhət varsa, o da dəstələrin qarətlə məşğul olması qorxusu idi. Burada Hacı Mir Bağır sərrafın evini qarət etdikdə əks-inqilab dəstələri hücuma keçib inqilabçıları geri çəkilməyə məcbur etmişdi. Sabahı küçələrdə belə bir elan buraxılmışdı: «KİM QARƏTLƏ MƏŞĞUL OLSA, HƏMİN YERDƏ EDAM EDİLƏCƏKDİR» * * * İnqilab qüvvələrinin başıpozuqluğuna baxmayaraq, Eynüddövlə ordusu heç bir iş görə bilmirdi. Qafqaz sosial-demokratlarının işə ciddi diqqət verməsi, bombaların qorxusu Eynüddövlənin general-konsula müraciət etməsinə səbəb olmuşdu. Müraciətnamədə Rusiyadan gələnlərin işə müdaxilə etməsi, Təbriz üsyançılarına yardım verməsi işinin şahənşah hökumətinə qarşı bir xəyanət olduğunu xatırlatmışdı. Buna görə də qafqazlıları siyahıya almaq və gələnlər haqqında ciddi tədbirlər görmək üçün konsulxanada plan hazırlanırdı. Nina bu xəbəri söylədikdən sonra birinci kərə olaraq məndən soruşdu: – Bir neçə kərə soruşmaq istəmişəm, amma yenə də unutmuşam. Sən də qafqazlımısan? Mən zarafata başladım: – Hələ vətənim bəlli deyildir. – Nə üçün? – Çünki hələ evlənməmişəm! Nina üzümə təəccüblə baxdı: – Bu nə deməkdir? – Türkün məsəlini eşitmədinizmi? – Söylə eşidim. – Türklər deyirlər ki, qadının haralı isə sən də oralısan. Mən isə hələ evlənməmişəm. O güldü. Lakin bir az sonra ciddi bir tövrlə: – Mən sizin haralı olmanızla çox maraqlanırdım, – dedi. – Çünki qafqazlıları tutmaq istəyirlər. Bloknotunu çıxarıb bir neçə qafqazlı adı oxudu. – Məşədi Hacı Qafqazlı, Ağa Əli Qarabağlı, Həsən Ağa, Məşədi Həsən, Məhəmməd Əli Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla Qafqazlı. Hələ bir çoxlarını yazmaq mümkün olmadı. Qorxuram ki, sənin də adın bunların içərisində olsun. – Burada mənim adım yoxdur. Olsa da, biz qorxmuruq. Konsul bizi tuta bilməz, hələ o vaxt yetişməmişdir. Saydığın adamlardan bir neçəsini çıxandan sonra hamısı burada oturan qafqazlılardır. – Onlar Bakıdan gələn firqə üzvlərini axtarırlar. Sən bunlarla tanışsanmı? – Özlərini görməmişəm. Lakin onların haqqında çox sözlər eşitmişəm. Onların çox maraqlı adamlar olduğunu söyləyirlər. İnqilab hərəkatının içində böyümüşlər. İnqilab hərəkatı harada olsa, onlar yardıma gedən adamlardır. Yorulmaz, ağırlıqdan qaçmaz adamlardır. Bunlar torpağın mülkədarlar əlindən alınıb kəndlilərə verilməsinə kömək edirlər. Burada da bunun üçün çalışırlar. Onlar hər yerdə padşahlıq üsulunun yıxılmasına çalışıb, yenə də çalışırlar. – Bunları görmək nə qədər maraqlıdır! – Təəssüflər olsun ki, mən də Bakıdan gələnləri görməmişəm. Onlar heç kəsə və heç vaxt sirr verməzlər. Onlar tanımadıqları və illər uzunu yoxlamadıqları bir adama sirr verməzlər. – Mən də sənin bu fikrini təsdiq edirəm. İtkin düşmüş atam da çox möhkəm firqəçi idi. Evdə onun dilindən heç bir şey eşitməmişdik. – Onlar adama çox gec inanırlar. Onları aldatmaq da çox çətindir, boyunlarına götürdükləri vəzifəni yerinə yetirməkdən ölsələr də, boyun qaçırmazlar. – Bunun üçün də Səttar xan bütün qorxulu səngərləri Bakı və Gürcüstan firqəçilərinə tapşırmışdır. – Sən bunu haradan eşitdin? – Eynüddövlə bunu təfsilən yazıb konsulxanaya bildirmişdir. Nina durub sobanı açdı. Oradan tələsik üzü çıxarılmış bir cədvəl çıxarıb oxumağa başladı: «Nöbər səngərlərində Həsənağa, Xiyaban səngərlərində Məşədi Hacı və Həsən, İnqilab Şurası və bazarın müdafiəsində Məhəmməd Əli Qafqazlı, bütün cəbhələrin kontrolunda Əli Müsyö, Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla və sair qafqazlılar. Bütün bu materialları Ninadan alıb götürdüm. Qızın fikrini başqa tərəfə çevirmək üçün bu materialların nə kimi vasitələrlə ələ gətirildiyini xəbər aldım. Nina söylədi. Bir çox hiylələr işlətməyə məcbur olurmuş. Ninanın nə qədər möhkəm bir qız olduğuna bir daha inandım. Konsulxanada çalışan kişiləri aldadırmış. – Doğrudan da, mən bu materialları nə vasitələrlə ələ gətirməyinizlə maraqlanıram. – Təəccüb ediləcək bir şey yoxdur. – Söylə baxım! – Tamamilə söyləsəm, qısqanmazsan ki? – Bilmirəm! Əcəba, mən qısqanmaq səlahiyyətini qazanmışammı? – Mən bu səlahiyyəti sizə çoxdan bəri vermişəm. Əgər siz qəbul etməsəniz, bu, başqa məsələ. – Mənim qısqanc olmadığıma başqa bir səbəb də vardır ki, bəlkə, siz onu bilmirsiniz. Nina tez-tez əlimi sıxıb deyirdi: – Söylə! Sən mənim canım, söylə! – Söylərəm! Qısqanmağa lüzum yoxdur, çünki mən bacarıqlı və namuslu bir qız olduğuna tamamilə inanmışam. Mənim bu sözlərimdən sonra Ninanın ürəyindəkilər tamamilə üzündən və gözlərindən oxunurdu. Onun əlləri birdən-birə qızdı. O mənim həqiqi yoldaşım olduğunu dilinə gətirmədən belə, mənə anlatdı... Sevincli bir səslə: – İnanıram, – dedi. – Lakin nə olursa-olsun, kişilərdə qısqanmaq təbii bir haldır. Lakin sən inanmalısan ki, mənim yoldaşlığım istənildiyi qədər səmimidir. İndi dinlə! Mən şərqliləri qadını tez sevən şəhvət əsirləri kimi tanıyırdım. Fəqət bu xüsusiyyət başqalarında da varmış. Mənim konsulxanada sevilmək işim əvvəlcə konsulun özündən başladı. Bundan sonra isə baş katib, ikinci, üçüncü katib, müşavirlər, mütərcimlər, şifrə müdirləri, ümumi idarə müdirləri, dəftərdar, arxiv müdirinə qədər mənə öz məhəbbətini elan etməyə başladı. Konsulxanadakılar məni görən kimi özlərini unudurlar. Ümumiyyətlə, kişilərin bədbəxtliyinə səbəb olan da bu kimi hallardır. Konsulxanadakı kişilərin, demək olar ki, hamısı belədir. Onların hamısı məndə özlərinə qarşı gizlin bir sevgi hiss edir. Bu kimi yanlış duyğunun nəticəsində onlar məni bir-birinə qısqanırlar. Mən bir gün Mirzə Fətulla xanın əlini sıxıb güldüm. Mirzə Ələkbər xan mənimlə xüsusi söhbəti olduğunu bildirib nə zaman vaxtım olduğunu soruşdu. Mən «Vaxtım yoxdur» deyə daima boyun qaçırırdım. Nəhayət, bir gün o məni konsulxanadan çıxarkən qarşıladı və yol uzunu xüsusi söhbətini deməyə başladı: – Mən sizə çoxdan bəri bir həqiqəti demək istəyirdim. Lakin buna fürsət tapa bilmirdim. Siz konsul ailəsinin içərisinə girdiyiniz gündən bəri nəcib və əsl bir ailədən olduğunuzu hiss etdim. Sizin hər kəsi gülə-gülə dindirməyiniz kübar bir ailəyə mənsub olduğunuzu göstərdi. Fəqət bizim xalq mədəniyyətsizdir. Daha doğrusu, vəhşidir. Sizin bu vəziyyətinizdən şübhələnirlər. Xüsusən bizim Mirzə Fətulla xan kimi adamlar qadınlara necə yanaşmaq və onlarla necə rəftar etməyi tamamilə anlamırlar. Mirzə Fətulla xan orada-burada sizin onu sevdiyinizi və ona məhəbbət məktubları yazdığınızı söyləyib fəxr edir. Tutalım ki, siz sevgi məktubu yazmısınız. Əgər o, mədəni bir adam olsaydı, bunu kimsəyə deməməli idi. Zatən əvvəldən də onun xasiyyətidir. Tanış olduğu qadınlar haqqında hər yerdə danışar və nalayiq sözlər söylər. Bir də siz burasını bilməlisiniz ki, o cənab generalın yanında o qədər nüfuza malik deyildir. Bunun üçün də sizdən rica edərdim ki, konsul ailəsinin şərəfini mühafizə üçün bu kimi şərəfsizlərə üz verməyəsiniz və üzlərinə gülməyəsiniz. Hər nə xidmətiniz olsa, mənə deyə bilərsiniz, zənnimcə, sizə olan səmimi hörmətimi bilməmiş deyilsiniz. Sizin nəcabətiniz haqqında ailəmdə də danışmışam. Qadınım, qızlarım da sizinlə görüşməyə can atırlar. Xüsusən Almaniyadan yeni gətirdiyim pianonu gözdən keçirmək üçün sizin bizə gəlmənizi rica ediblər. Əgər mümkün olarsa, bir yarım saat zəhmət çəkəydiniz. Bunun cavabında nə deyə bilərdim? Onun bütün fikrini əvvəldən də bilirdim, başqası da bilməsə, özüm onun saxtakar bir adam olduğunu bilirdim. Ona belə cavab verdim: – Mirzə Fətulla xan hər söz deyə bilər. Onun ağzını yummaq olmaz. Bəlkə, bəzi kişilər bununla da təskin tapırmışlar. Sizin pianonu gözdən keçirməyə gəldikdə heç də sözüm yoxdur. Nə vaxt lazım olursa, gələ bilərəm. – İndi zəhmət çəksəydiniz, daha yaxşı olardı. – Nə eybi vardır? İndi də gedə bilərik. Onun evi çoz zəngindir. Özünün deməsinə görə, Şərqin bütün entiqə və qiymətli şeyləri onun əlində imiş. Hər şeyi gözdən keçirdik. Doğrudan da, qiymətli şeylər çoxdu. Qadını və uşaqları ilə tanış etdi. Balaları özündən tərbiyəli görünürdü. Qadını rusca az-çox danışa bilirdi. Fikrini anladırdı. O məni qonaq çağırıb daimi tanış olmağımızı xahiş edirdi. Mirzə Ələkbər xanla tanışlığımız belə başladı. O, yenə də hər dəfə görüşəndə öz nəcabətindən və konsulun yanında olan nüfuzundan danışır, mənə çox inanırdı. Konsulxanaya yolum düşdükdə kabinetinə də girməyə ixtiyarım vardı. Yanında olan gizli kağızları da görürəm. Bir çox şeyləri götürüb oxumağıma da mane olmayır; çünki o, mənim siyasətdən çox uzaq olduğumu düşünürdü. – Çox pakizə. Bəs Mirzə Fətulla xan necə? – O mənim Mirzə Ələkbər xanla olan tanışlığımı, evlərinə getdiyimi də eşitdi. Yarın qısa bir məktub yazmışdı. «Mümkün olarsa, bir neçə kəlmə danışmaq üçün vaxt təyin edin!» Vaxt təyin etdik. Konsulxanada, onun kabinetində görüşdük. O da Mirzə Ələkbər xan kimi sözə başladı: – Biz imperator təbəəsiyik. Bizdə xüsusi bir namus vardır ki, o, başqalarında yoxdur. Bunun üçün də biz İranda hamıdan əvvəl oturub-durduğumuz adamların kimlər olduğuna fikir verməliyik. Mirzə Ələkbər xanı demirəm ki, pis adamdır. Amma hər nə olursa-olsun, şərqlidir. Rus tərbiyəsi görməmişdir. O, qadınlara tamamilə yanlış alaqə bəsləyir. O hər qadını bir ölçü ilə ölçür; o, Rusiyadan gələn əxlaqsız qadınlarla çox oturub-durmuşdur. Bağışlayasınız, sizin nəcib və sağlamfikirli qız olduğunuza heç də şübhəm yoxdur. Fəqət bu cür naqis adamlarla oturub-durmaq, şübhəsiz ki, sizi ləkələyə bilər. O vaxt cənab general-konsul da bunu eşidib haqqınızda şübhələrə düşər. Hərgah sizə bir şey lazımsa, biz burada ölməmişik. Hərgah siz əylənmək istəyirsinizsə, öz evimiz, öz ailəmiz, öz cəmiyyətimiz də vardır. Bizim qapımız sizin üzünüzə açıqdır. Siz gərək mənim yaşayışımdan dərs alasınız. Burada gül kimi ad saxlamışam. Konsulun yanında bir sözüm iki ola bilməz. Konsul hazırda mənim bir tükümü yüz Ələkbər kimi adamlara vermir. Hamısı mənim imperatora olan sədaqətim və özümün namuslu bir adam olduğum səbəbinədir. Siz hərgah özünüzü bu cür adamlardan müdafiə etmiş olsanız, mən də sizin kimi namuslu bir qızla tanış olmağımla fəxr edə bilərəm. Çoxdan bəri sizə öz saf sevgimi izhar etmək istəyirdim. Xüsusən evdə sizin konsul ailəsinə gəldiyinizi eşidəndən bəri hər gün məndən soruşurlar. Qızlarımla gündə bir saat məşğul olmağınızı xahiş edirlər. Fətulla xan danışıb qurtarınca əlimi neçə dəfə sıxdığını bilmədim. O, danışdıqca mənim gözüm onun masasının üstündə idi. Masanın üstü mənim üçün olduqca əlverişli idi. Bütün rusca sənədlər orada idi. Buna görə də Fətulla xanı ümidsiz buraxmaq yaramazdı: – Fikirləşərəm. Sizin alicənablığınız haqqında konsul ailəsində çox qiymətli və tarixi sözlər eşitmişəm, – dedim. Fətulla xan ayağa durub yenə oturdu. Uca yaxalığını düzəltdi. – İndi ki, bu sizə məlumdur, daha mən heç bir söz danışmamalıyam, çünki insan heç vaxt özünü tərif etməməlidir, – dedi. – Eybi yoxdur. Ayın birindən etibarən dərsə başlarıq. Haqqımda olan xeyirxahlığınızdan məmnunam. Dedikləriniz haqqında fikirləşərəm. Qalxıb getdim. Yarın şifrə müdiri adəti üzrə əlimi sıxdı. «Bizə iltifatınız yoxdur? – deyə söz atdı. Qolumdan tutub oturtdu. Onun yanında birinci kərə otururdum. Şifrə odasında kimsənin oturmağa haqqı yoxdu. Oturdum. O, əlindəki işini qurtardı. Üzümə baxıb mənə rəhmi gələn bir adam kimi başını buladı: – Ah, siz hələ uşaqsınız. Harada yaşadığınızı bilmirsiniz. Burası Şərqdir. Buranın adamları üzdə behişt, içində isə cəhənnəmdir. Nə qədər gec deyil, bunlardan çəkil! Namusun öz namusumdur. Burada beş-altı adamıq. Özümüzü çox namuslu aparmalıyıq. Mən sizin haqqınızda büsbütün başqa fikirdəyəm. Cənab konsula da bu xüsusda işarə vermişəm. Doğrusu, qadınımla yaşamaq heç də mümkün deyil, tərbiyəsi ilə tərbiyəm tutmur. Əslinə baxsan, bizim onunla evlənməyimiz özü də bir şübhədir. Yaxında boşamaq fikrindəyəm. Özü də əsilzadə deyil. Cəmiyyət içərisinə çıxarmağa da utanıram. O belə sözləri çox danışdı. Bu gündən başlayıb mən şifrə müdirinin odasına çox gedib-gəlirdim. Hər görüşündə: – Siz söz versəniz, qadınımı boşayıb sabahın özündə Oryol şəhərinə yola salaram, – deyirdi. – Mən də anama bu məsələ haqqında yazmışam. Baxaq, nə cavab verəcəkdir? – deyə mən də onu sakit etdim. – O son zamanlarda öz vəzifəsi dairəsində mənim üçün bir vəzifə də təyin etmişdir. Mənim işim şifrə salınmış materialları hissələrə ayırıb bəzilərini isə bağlayıb arxivə verməkdən ibarətdir. Mirzə Ələkbər, Mirzə Fətulladan götürə bilmədiyim vəsiqələri buradan daha götürə bilirəm. Amma şifrə müdiri qədər qısqanc bir adam görməmişəm. O, iki tərəfdən qısqanır. Onun özü də bunu təsdiq edib deyir: – Bir tərəfdən çox sevirəm. Bunun üçün də qısqanıram. O biri tərəfdən də millətimsiniz. Şərqlilərin sizi sevməsi mənim milli namusuma toxunur. – Zatən kişilər qısqancdır. Onlar yalnız öz qadınlarını deyil, yabançı bir qadını belə bir-birinə qısqanırlar. Burası çox gülüncdür, – dedikdə o özü də təsdiq etdi: – Doğrudur, qısqanclıq sevgidən doğur. Hər sevən kişi qısqanmağa məcburdur. Şifrə müdiri mənə çox inanır və məni sadə bir qız hesab edir. Onun şifrə müdiri təyin olunmasının başlıca səbəbi də ancaq xalis rus olmasıdır. Çox avam, çox axmaq bir adamdır. İndi sənə bir az da konsulun özündən danışacağam. – Konsulun özü də mi səni sevir? Nina gülə-gülə cavab verdi: – O sevir, fəqət sevgini köhnəlmiş bir üsulda həyata keçirir. O məni böyük qızım deyə səsləyir və saçımdan öpür. O mənim saçıma əl çəkdikdə nə vəziyyət aldığını hiss edirəm. Zatən burası kişilərdə tez-tez təsadüf ediləcək bir xüsusiyyətdir. Onlar qadına yanaşdıqda əvvəlcə bacısı, qızı və sair yaxınları kimi sevər. Sonda öz həqiqi məqsədini söylər. – Nina, – dedim, – sən kişiləri çox dərindən öyrənməyə çalışırsan. Bu işə çoxdanmı başladın? – Araz çayını bu tərəfə keçəndən bəri! – Bu dərsdə müvəffəqiyyətiniz vardırmı? – Qismən vardır. Qismən də yoxdur. – Məsələn? – Bəzilərini öyrəndim. Bəzilərini yox. – Əlbəttə, kişilərin hamısını öyrənmək mümkün deyil. Dairəni çox geniş götürməyib proqramı qısaltmış olsanız, daha tez nailiyyət qazanarsınız. – Doğrudur. Mən bayırda müvəffəqiyyət qazanıramsa da, təəssüf ki, bu divanın üstünü, burada oturan bir kimsəni lazımı qədər öyrənə bilmədim. – Demək, sən hələlik bu evin içini belə öyrənə bilməmişsən. – Evi öyrənmişəm. Cansız şeylərin hamısını təhlil edə bilərəm, lakin mənimlə çoxdan bəri tanış olan hər bir imkan və səlahiyyətə malik olan bir adamı öyrənə bilmədim. – Mənimi? – Bəli, səni! – Əcəba, mənim kim olmağım sənə aydın deyilmi? Sənə başladığım sıx münasibəti təyin edə bilmədinmi? – Təyin etsəm də, ona müəyyən bir şəkil verə bilmədim. Bunda aciz qaldım. Sən çox iradəli adamsan. Dəmir adamsan. Atamın da iradəsi belə idi. Bu iradə bolşevik iradəsidir. Bunu heç kəs sındıra bilməz. Bilmirəm, bolşeviklərin hamısındamı belə iradə vardır? – Bilmirəm. Mən bolşeviklərlə heç vaxt oturub-durmamışam. – Kim bilir, bəlkə, mən aylardan bəri bir bolşevik ilə üz-üzə otururam. Bu iradə yalnız bolşevikdə ola bilər. Qızlar bu iradə sahibini daha tez sevə bilərlər. Doğrusunu söylə, sən bolşeviksənmi? – Mən bolşevik ola bilsəydim, doğrudan da, özümü iradəli bir insan hesab edərdim. Mən bolşeviklər haqqında çox eşitmişəm. Lakin hər mənim kimilər bolşevik ola bilməz. Hər kəs də bu adı daşımağa layiq deyildir. Bolşevik nə aldanır, nə də təslim olur. Bolşevik öhdəsində olan firqə vəzifəsini həyatının birinci planına keçirir. Qalan işlər isə ikinci dərəcədə qalır. – Çox gözəl. De görüm, bolşevikdə sevgi olmazmı? Nina yenə də kosnulxanadan, başqa-başqa yerlərdən danışaraq sonra məsələni gətirib əvvəlki yerə çıxarmışdı. Yenə də sevgidən bəhs edir, yenə də məni öyrənməyə çalışırdı. Ona qarşı sükut etmək yaramazdı. Cavabında dedim: – Bolşeviklərdə sevgi hissi daha səmimidir. Onların sevgisi daha sağlam, daha safdır. Eşitdiyimə görə, bolşeviklər qadınları çox sevir, fəqət tam mənası ilə bir yoldaş və cəmiyyətin üzvü kimi sevir. Bolşeviklər qadının cəmiyyətdə ən aktiv işçi olduğunu iddia edirlər. – Doğru deyil. Qadın kişi qədər həyatda yaradıcılıq göstərə bilməz. – Mən də əvvəl belə düşünürdüm. Lakin sonradan bildim ki, bolşevikliyi yaradanlar o həyatda iştirak edə biləcək bolşevik qadınlar da yaradacaq və onların vəzifələrini lazımınca təqsim edə biləcəkdir. – Onda qadında heç incəlik qalmaz. – Bolşeviklər incəliyin əleyhinə deyillər. Onlar qadınlığın tələb etdiyi hər bir incəliyi qadınlığa verir. Eyni zamanda onların bir əyləncə şəkli almasına mane olur. Nina yenə də düşünməyə başladı. Təəccüblü bir halda: – Mən, – dedi, – bolşeviklər haqqında çox düşünürəm. Lakin bu düşüncələr heç bir fayda vermir. Bolşevik tipi, bolşevik siması, mənim vaxtilə romanlarda tanış olduğum fantastik tiplər, gözəgörünməz simalar kimi qalır. Onları oxucunun gözündə həqiqətə çevirəcək heç bir vasitə yoxdur. Ona görə də bolşeviklər haqqındakı düşüncəm, bir romanın qəhrəmanına dair olan təsəvvürüm şəklini alır. – Mən də sənin kimi düşünürdüm. Lakin günlərin birində bir nəfər tanışın əlində bir-iki bolşevik kitabçası gördüm. Bilmirəm, o da haradan tapmışdı. Hərdən mən də gedib qulaq asdım. Oradan bir çox sözlər eşitdim: – Sən o kitabları tapıb mənə verə bilərsənmi? – Bilmirəm, gərək qabaqca o tanışımı axtarıb tapam. Bəlkə də, kitablar qalır. Hərgah qalırsa, tapıb sənə verərəm. Amma nədənsə mən o kitablarla çox maraqlanmıram. – Rica edirəm! Mən onları öyrənmək istəyirəm. Tapsan, çox razı qalaram. – Əmin ol! Bəlkə də, tapdım. Ayrıldıq. Konsulxanadan qafqazlılara aid olan vəsiqələr gətirilmişdi. Onları müzakirəyə qoymaq üçün əncümənə getdim. * * * Məclisdə Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar. Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik. Maku ordusunun inqilab tərəfində duran bu kəndi qətli-qarət etdiyi, 28 nəfər öldürüldüyü, qalanları isə əsir götürüldüyü söylənilirdi. Maku ordusu 7 min atlı, piyada, beş Avstriya topu və bir çox müxtəlif sistemli silahdan ibarət idi. Ordunun başında İzzətulla xan, avacıqlı Heydər xan və Nəsrulla xan dururdu. Tehran ordusu Təbrizi üzük qaşı kimi aralığa almışdı. Ümumi müharibənin başlanacağı haqqında rus konsulunun Peterburqa və Tehrandakı rus səfirinə göndərdiyi şifrəli teleqramın surətini Nina həmin gün ələ gətirmişdi. Teleqramda belə yazılırdı: «Təbriz son dəqiqələrini keçirir. Hökumət qoşununun miqdarı 30 mindir. 12 yeni və bir miqdar da əski top vardır. Salar Əfrə, Seyfulla xan, Eyvazəli xan Qara Məlikdən, Maku qoşunları isə Acıçay, Qamışvan tərəfindən hücum edir. Bunlar Hökumabad, Səbğazan və Qaraağacı götürmək üçün çalışır. Hələlik Zərğam Nizam, Musa xan, Mədədəli xan və Hüseyn xan min nəfər atlı ilə Seyid İbrahim məqbərəsi tərəfindən Ayrançı məhəlləsinə soxulmuşdur. Bir bölük piyada Lekləri, ikinci bölük isə Saman meydanı təriqi ilə İstanbul darvazasını götürmək üzrədir. Surxab dağının ətəklərində yerləşdirilmiş toplar Sərdari-milli Səttar xanın mərkəzi olan Əmrəxizi aramsız bir surətdə topa tutur. Bağır xanı tutmaq üçün Eynüddövlənin Şatranlı ordusu və Tehrandan yeni gələn ordunun süvari hissələri və Xiyaban və Maralan tərəflərinə soxulmaq üzrədir. Təbriz alındıqdan sonra nə cür hərəkət edəcəyimiz haqqında sərəncam gözləyirəm». Ən əvvəl Qamışvan tərəfindən hücum edən Maku ordusu sındı. Səttar xan makululara hiylə edib Acı körpüsündən içəri çəkildi. Maku qoşunu şəhərə soxuldu. Onlar körpüyə yaxın Əmir karvansarasında yerləşdilər. Səttar xanın adamları divarları deşib karvansaranı mühasirəyə aldılar. Axşama qədər davam edən müharibədə makulular tamamilə məğlub oldu. Bütün hərbi ləvazimat şəhərin içərisinə daşındı. Dəvəçi və Əmrəxiz tərəfindən hücum edən Mədədəli xan, Musa xan, Hüseyn xan isə Zaqafqaziya işçilərinin bombaları qarşısında sovurulub geriyə atıldı. Burada bombalardan biri divara toxunub iki nəfər bombaatan Zaqafqaziya işçisini tələf etmişdi. Eyni zamanda bu bombanın bir parçası da hücum etməkdə olan Zərğam Nizamın bir gözünü tökdü. Qaraməlik tərəfində toplanan Salar Əfrə Seyfulla xan, Amanulla xan, Eyvazəli xan qüvvələri isə Maku ordusunun məğlubiyyətini görərkən çəkilməyə məcbur oldular. Xiyaban məhəlləsinə soxulmaq istəyən Şatranlı ordusu da Maralan, Quruçay, Xiyaban məhəlləsinə soxulub toplarını təpələrdə yerləşdirməyə müvəffəq olmuşdu. Buradakı müharibə saat ikidən axşama qədər davam etdi. Bunlar da cəhənnəm maşınlarının dəhşətlərindən yaxa qurtarıb qaçmağa başladılar. Aparılan ölülərdən başqa, 500 nəfər ölü buraxıb qaçdılar. Bu gün Zaqafqaziya işçiləri İran inqilabının tarixində misli görünməyən bir qəhrəmanlıq göstərdi. Gün batan vaxtı bütün cəbhələrdə sakitlik başlanmışdı. Biz gecə saat ondan gündüz saat beşə qədər yoldaşların basdırılması, yaralıların sarınması ilə məşğul olduq. * * * Çox yorulmuşdum. Mənzilimə gəlib yuyundum. Üstüm-başım qana və qanlı torpağa batmışdı. Əlbisəmi dəyişdim. Yemək istəyirdim. Gecə saat ondan indiyə qədər heç bir şey yeməmişdim. Bu gün çox qiymətli yoldaşlarımızı itirmişdik. Odur ki, əsəblərim çox xarab olmuşdu. Ninanın yanına gəldim. Gecə saat 12-nin yarısı idi. Mən içəri girərkən o, Məcidi yatırmaq üçün ona yemək verirdi. Məcid məni görməmiş yatmazdı. İçəri girərkən üzərimə atıldı. Qucağıma götürüb oxşadım. Danışdırdım. Fəqət əylənmək həvəsim yoxdu. Səltənət bəyim onu məndən alıb yataq otağına apardı. Heç bir söz demədən Ninadan çay istədim. Çay içdikdən sonra Səltənət bəyim yeməyi gətirdi. Onun öz otağına gedib yatmasını rica etdik. Nina mənim pozğun və yorğun simamdan bir bədbəxtlik üz verdiyini duymuşdu. Onun üçün də sözü haradan başlayacağını bilmirdi. Axırda xəfifcə gülərək dedi: – Cəbhələrdə nə olubsa, bilmirəm. Ancaq konsulxanada olanları söyləsəm, güləcəksən. Nina ayağa durdu. Başını iki əlləri arasına alıb evdə sağa-sola dolaşmağa və konsulun hərəkətini təqlid etməyə başladı. – Alçaqlar, qoyunlar, əclaf, yığma köpəklər. Beş-on cüt lotupotunun, çırın-çıplağın öhdəsindən gələ bilmədilər. Mən səfiri də aldatmışam. Təbriz alınır deyə teleqram vurdum. Hələ Nina oyununu qurtarmamışdı. Onu dayandırıb soruşdum: – Bugünkü işi necə gördün?! – Böyük qələbədir. Lakin konsul hələ də ümidini kəsməmişdir. Bu gün bütün ordu nümayəndələri ilə danışıq aparılacaqdır. Eynüddövləyə rus mənafeyinə toxunmamaq üçün müharibənin uzatması təklif olunacaqdır. Hələ yeməyi bitirməmişdik. Yenə də şəhəri dəhşətli bir gurultu götürdü. Vidalaşıb Ninanın dediyi kitabları özünə tapşırmaqla çıxdım. İnqilab Şurasında böyük həyəcan vardı. Səttar xan nə evdə, nə də şurada yox idi. Eynüddövlə ordusundan bir alay qəflətən hücuma keçərək Məşq meydanını tutmuşdu. Şiddətli müharibə gedirdi. Biz gecə saat birdə Səttar xanı cəbhədə tapdıq. Bu döyüş səhər saat beşin yarısına qədər davam etdi. İşıqlanarkən düşmən başıpozuq bir halda geri çəkildi. Vuruşmada düşmənlərdən 45 nəfər öldürülmüşdü. * * * Hər gün xırda çaxnaşma olurdu. Axırda Süpəhdar Məhəmmədəli şaha belə teleqram vurmağa məcbur olmuşdu: «Əlahəzrətə! Düvəli müəzzəmə konsulları məclisini əyalət əncümənin açılmasını və inqilabın bununla da yatırılmasını məsləhət görürlər. Hərgah qibleyim-aləm mərhəmət buyurursa, yeni intixablara başlanarsa, bununla da «dəyirmana su gələr və işləməyə başlar», belə olursa, əlahəzrətin səltənəti nəslən bəd nəsil möhkəm olar. 21 şəban. Bəndəyi-kəmtərin Süpəhdar». Məhəmmədəli şah da bu məzmunda bir teleqram vurub Süpəhdarı məzəmmət edirdi: «Sizdən çox uzaqdır ki, dörd-beş nəfər şərarət sahibini tutub cəzasını vermədən Təbrizdə seçki başlanmasını təklif edirsiniz. Necə ki, şəri məşrutəni vermişəm, elə də məclis və əncümən bərqərar olacaqdır. Allahın mərhəmətindən Tehran şərarətçilərini dağıtdıq. Babi dinini nəşi edənlərin cəzasını verdik. Azərbaycan rahat olmayınca əncümən seçkisinə icazə verməyəcəyəm. Təbriz altından qayıdıb qaçan Maku ordusunun Təbriz müharibəsinə qayıtması üçün təşəbbüsdə bulunmalısınız». Yuxarıda göstərilən bu teleqramların hər ikisi öz yerinə göndərilmədən rus general-konsulunun əlinə keçmişdi. Rus konsulunun poçt-teleqraf idarəsində olan agentləri hər bir teleqrafı oğurlayıb gətirirdi. Nina isə bunları ya mütərcimlər masası və ya şifrə müdiri kabinetindən götürüb inqilabçılara verirdi. * * * Ninaya qarşı şübhələr Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı. Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə «Bolşeviklər kimdir və nə deyirlər?» adlı bir əsərdi. Nina bu kitablarla çox maraqlanırdı. O, sinfin sinfə qarşı qoyulduğu üsuldan, sinifləri arasındakı iqtisadi təzadlardan oxuduqca həzz alırdı. O, xüsusən sinfi mübarizə yollarını öyrənir və mübarizə edən siniflərin kimlərə arxalandığını araşdırırdı. Nina yenə də məni görən kimi barmağını bir sətrin üstünə qoyub dedi: – Bunlar tamamilə doğrudur. Lakin mən hazırda İranda mübarizə aparan siniflər arasındakı ziddiyyətin təfsilatını lazımınca təhlil edə bilmirəm. – Əlbəttə, bu çətindir. Çünki İran sənaye ölkəsi deyildir. Buradakı mübarizə bir tərəfdən kəndli, bazar əsnafı, xırda sənaye sahibləri, xırda burjuaziya, digər tərəfdən də böyük mülkədar, xırda feodallar, hakimlər arasında gedir. Bunun üçün də mübarizənin və ziddiyyətin şəkli tamamilə başqadır. Buna görə də İrandakı ziddiyyəti kitabdan deyil, təcrübədən öyrənməlisən. * * * Mən hər gün Ninanın yanına gedərkən ondan yalnız bu söhbətləri eşidirdim. Bir neçə gündən sonra onu evdə çox az görürdüm. Hər gün Təhminə xanımgilə getdiyini söyləyirdi. Axırda mən bu məsələ ilə maraqlanmağa başladım. Təhminə xanımı hər gün görürdüm. Ninanın onlara məhəbbət bəslədiyini və bunun üçün də evlərinə tez-tez getdiyini xatırlatdım. Təhminə xanım evi təmizləyirdi. Başını qaldırıb üzümə tərs-tərs baxdı: – Bəli, çox gəlir! – deyə işinə davam etdi. Qadının bu qısa cavabından şübhələndim. Daha bir söz söyləmədim. Ninanı təqib etməyə başladım. Günlərin birində onun Təhminə xanımın evinə getdiyini gördüm. Bir azdan sonra 18–20 yaşında olan bir neçə gəncin də Təhminə xanımın evinə girdiyini gördüm. Şübhəm daha da artdı. Əvvəlcə oraya girən gəncləri öyrənməyə çalışdım. Tütünçüoğlunu çağırdım. Qapıda qoyub bütün buradan çıxanların kim olduqlarını bilib mənə xəbər verməsini tapşırdım. Tütünçüoğlu ən inanılmış yoldaşlardan birisi idi. Xüsusən onu Sallax Süleymanın əlindən qurtarmağım onun mənə olan məhəbbətini daha da artırmışdı. Axşama bir saat qalmış Tütünçüoğlu ilə görüşdüm. O mənə 7 nəfər gəncin siyahısını verdi. Bunlar xalça fabrikində çalışan yoxsul işçilərdi. Təhminə xanımın oğlu Həsənağanın yoldaşları idi. Bu toplanış yalnız bir gün deyil, iki-üç gündən bir olurdu. Bu sirri yalnız Təhminə xanımdan öyrənmək mümkündü. Təhminə xanıma və qızlarına paltarlıq almışdım. Yenə də adəti üzrə o, evi təmizləməyə gəlmişdi. Yuduğu alt paltarlarımı da gətirmişdi. Təzə aldığım paltarları verdim. Çox razı qaldı. – Oğlum, gün o gün olsun ki, bu paltarları sənin toyunda geyib oynayaq, – dedi. Mən tez cavab verdim: – Ah, Təhminə xanım, daha mən kimə evlənəcəyəm? Hanı o qız ki, inanasan? – Bəs Nina xanım nədir? Ondan gözəl qızı haradan tapacaqsan? Özünün də sənin sevgindən uçmağa qanadı yoxdur. – Doğru deyirsən, Təhminə xanım. Bir az bundan əvvəl belə idi. Amma indi... – Necə indi? İndi nə olubdu ki? – Nə olacaqdır? Ninanı daha axşam-səhər evdə tapmaq mümkün olmur. Sizin evdə cavanları başına yığıb kefini sürür. Bu sözü deyəndə elə bil ki, barıtı od tutdu. Təhminə xanım süpürgəni yerə atıb irəli gəldi: – Bu cür sözləri danışma! Mənim evimdə o cür şeylər olmaz. Nina özü də elə qız deyil. İstəyirsən açığını deyim. Amma bir adama deməməlisən, çünki mənə and veriblər. – Bilirəm, nə üçün yığılırlar. Nina özü başqalarını sevirsə, mənim nə sözüm ola bilər? Qorxma, heç kəsə demərəm. – Həsənin ölümünü görüm ki, sən yanılırsan. Belə şeylər yoxdur. Qoy doğrusunu deyim. İndi bir neçə gündür ki Nina bir-iki kitab gətirib Həsənağanın yoldaşlarını yığıb dərs verir. Əvvəlcə tək Həsənağaya dərs verirdi. Sonra isə yoldaşlarını da çağırdı. Amma nə dərs olduğunu bilmirəm. Çox gizli tuturlar. Mənə and veriblər. Ancaq səndən keçə bilmədim, dedim. Amma sən olasan Həsənağanın canı, bu sirri heç kəsə açma! Nina Təbrizdə birinci dəfə firqə özəyi təşkil etmişdi. Ninanın özü ilə bərabər, özəyin doqquz nəfər üzvü vardı. Axırda mənim özüm də hər gün Təhminə xanıma bu sirri kimsəyə açmamasını tapşırırdım. Təhminə xanım bu sirri öz qızlarından da gizlin saxlayırdı. * * * Siyasi dərnək üzvləri Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı. Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi. O nə üçün qəmgindir? O nə üçün ağlayır? O nə üçün qara geydi? O nə üçün məni evdə buraxıb getdi? Bəlkə, onun sevgilisi vardır? Bəlkə, o mənə öz qəlbini deməyə utanır? Bəlkə, o açıqdan-açığa məni rədd edə bilmir? Bəlkə də, Təhminə xanım məni aldadır? Kim bilir, Təhminə xanım onu bir başqası ilə tanışmı etmişdir? Bunları düşünürkən yenə də Ninanın mənə qarşı səmimiyyətini xatırlayıb bütün şübhələrimi rədd etməyə çalışırdım. Mən bu düşüncələrin təsiri ilə kitabı vərəqləyirdim. Kitabın arasında qalın bir kağız olduğunu hiss etdim. Bununla çox maraqlandım. Ninanın hazırkı sirlərinə bununla yol tapacağımı düşündüm. Bəzən qızların bütün varlığını və qəlbini ifadə edəcək kağızların kitab arasında gizlədildiyini bilirdim. Kağızı götürdüm. Riqadan yazılmışdı. Kağızı yazan Ninanın anası imiş. Konsulxana ünvanına gələn bu məktub musiqi müəllimsi Rozinaya yetişməli idi. Məni heyrət götürdü. Xəcalətimdən tərlədim. Köksümdən, başımdan buxar qalxdığını gördüm. Hərəkət etməyə taqətim yox idi. Məni sevən, mənim sevgim üçün ölümlər qarşısından atılan bir qız indiyə kimi doğru adını belə mənə söyləməmişdir. Düşündüm. Bir neçə dəqiqə bu düşüncələr davam etdi. Öz-özümə dedim: «Yox, yox, bu qız sadə bir qız deyildir. Bu, bilə-bilə özünü sadə göstərirmiş. O nədir? O kim ola bilər? O, əks-inqilabçı deyildir. O, konsulun xəfiyyəsi də deyildir, çünki əks-inqilabçı olsaydı, bu qədər gizlin sirləri gətirib inqilabçıların əlinə verməzdi». Yenə də düşünməyə başladım: «Yox, bu inqilabçıdır. Bundan inciməyə haqqım yoxdur, çünki mənim özüm də öz doğru adımı deməmişəm. Qız inqilabçıdır! İnqilabçı olduğu üçün də ehtiyatlıdır. O məni sevir, çox səmimi sevir, kim bilir, bəlkə, məni inqilaba xidmət etdiyim üçün sevirmiş. Əgər belə isə o, yenə də məndən uzaqgörücü və diqqətlidir; çünki o məni tez tanıdı. Mənsə onu çox gec və çətin tanıya bildim. Hər nə isə qız məni sevir. Hərgah adını gizləmişsə də, sevgisini və qəlbini gizləməmişdir. Bəlkə də, bu məktub onun deyil. Bəlkə də, onun adı Ninadır». Bu düşüncələrlə kitabı yenə vərəqlədim. Bir yığın kağız parçalarına rast gəldim. Kağızları açdım. Öz-özümə: «Buradan yenə də bəzi şeylər öyrənmək olar», – dedim. Kağızlar doqquz nəfərin firqə bileti idi. Birinci bileti oxudum. Rozina Nikitina. Demək öz adını sevdiyi bir adamdan gizlədən qız öz firqəsindən gizlədə bilməmişdi. Firqə biletində doğru adını yazdırmışdı. Təbrizdə birinci firqə özəyini təşkil edən bu qız məni daha da maraqlandırdı. Özək üzvlərini bir-bir oxudum. Rozina Nikitina; 2) Həsənağa Heydər oğlu; 3) Şəfi Şəban oğlu; 4) Ələkbər Kazım oğlu; 5) Bağır Hacı oğlu; 6) Saleh Müseyib oğlu; 7) Yavər Xəlil oğlu; 8) Hacıağa Əvəz oğlu; 9) Dadaş Qulu oğlu. Özək üzvləri vaxtilə Tütünçüoğlunun gətirdiyi siyahıda yazılan gənclər idi. Ninanın Təhminə xanımın evinə bunları hazırlamaq üçün getdiyi aydın oldu. Son iki firqə biletinin qaralandığı məni yenə də fikrə saldı. «Əcəba, bunlar firqə özəyindən qovulmuşlarmı? Hərgah qovulmuşlarsa, nə üçün? Hansı xəyanətlərin səbəbinə?» Bəlkə də, «bunlar gedib özəyin sirlərini verər, qızın kim olduğu meydana çıxar, özək üzvlərinin başına bir fəlakət gətirərlər», – deyə bu məsələ haqqında qızla danışmağı və bu barədə ona bəzi məsləhətlər verməyi qərara aldım. Bir azdan sonra fikrimi dəyişdim. «Qızın özü o qədər də yazıq və bacarıqsız deyildir, o bütün ağırlığın qabağından qurtarmağı bacarar» deyə düşündüm. Durub çayı gətirərək qabağıma qoydum. Kitabı da götürüb əvvəlki yerinə buraxdım. Məcid də oyanmışdı. Ninanı çağırırdı. Durub paltarlarını geydirdim, yanıma götürdüm. Çay tökmək istəyirdim. Nina içəri girdi. – Nə tez qalxdınız? Mən bilsəydim, tez qayıdardım. – Yata bilmədim. Fikir qoymadı. Məcid də oyandı. Məcid Ninaya tərəf yüyürərək: – Hara getmişdin? – deyə soruşdu. Nina uşağa təəccüblə baxdı: – İşə getmişdim, – deyə başını aşağı saldı. Çayı içdik. Nina gedib paltarını dəyişdi. Qara ipək köynəyini çıxarmamışdı. Mən onu dindirmək istəyirdim. – Nə üçün qara köynəyi dəyişmədin? – deyəndən sonra bu mahir qızın nə cavab verəcəyi ilə maraqlanırdım. O heç dayanmadan: – Bu gün, – dedi, – Səltənət bacı nədənsə gəlməmişdir. Özüm çalışıram. Ağ köynək tez çirk olur. Tez-tez dəyişmək lazım gəlir. Qara köynəkdə ləkələr tez məlum olmur. Mən ayaq üstə qalxıb getməyə hazırlaşdım. – Yalnız qara köynəkdə deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur, – deyə dışarı çıxırkən, Nina dalımca təəccüblə baxırdı. Nə cavab verəcəyini bilmirdi. * * * İş belə deyil. O, inqilabçıdır. Lakin sevgisi də adı kimi məchuldur. O sevir, lakin məni yox. Bəlkə də, əvvəl sevirmiş. Amma indi o sevgi yoxdur. O kimin üçün qara geyir, kimin üçün ağlayır? Bu ağlamaq mənim üçün isə mən ki, ölməmişəm, mənim başıma bir iş ki, gəlməmişdir. Bunu düşünüb evə yaxınlaşırdım, təkrar özümə sual verirdim: «Əcəba, məndə bu fikirlər haradan doğur!» Yenə də özüm sualın cavabını verirdim: «Bu qısqanmaqdan başqa bir şey deyildir. Mən ki bunun əleyhinə idim, mən bu barədə gənc qızla nə qədər mübahisə etmişdim. Doğrudan da, qız haqlı imiş. Kişilərdə qısqanmaq sağalmaz bir xəstəlik kimi imiş. Bir də mənim qısqanmağa nə haqqım var? Vaxtilə o məni sevirdi. Mənə hər bir səlahiyyəti vermişdi. Madam ki, mən ona qəti bir söz deməmişdim, madam ki, mən gənc qızı tərəddüddə buraxdım, madam ki, mən onun içərisindəki əziyyətlərini hiss edə-edə onu əyləndirmək istəmədim, onu tək buraxdım, daha qısqanmağa nə ixtiyarım vardır? Əcəba, qız bir nəfər tapıb onunla dərdləşə bilməzmi idi? Əcəba, gənc qıza ailə qurmaq, gələcəyini təmin etmək lazım gəlmirdimi? İndi ki, mən bunların hamısını təsdiq edirəm, daha gənc qızdan inciməyə haqqım yoxdur. Daha nə üçün qısqanıram?» Evə girərkən düşünürdüm. Qapı açıqdı. Təhminə xanımın evdə olduğunu belə unutmuşdum. Ürəyimdə yenə də gənc qızın kimlərlə tanış olması haqqında düşünür, gah inanır, gah da inanmırdım. Heç bir şey hiss etmədən öz-özümə ucadan dedim: – Ola bilməz! Bir səs eşitdim: – Oğlum, nələr ola bilməz?! Kimlə danışırsan? Bu səs Təhminə xanımın səsi idi. Çarpayının üzərində oturdum. Təhminə xanım yenə soruşdu: – Oğlum, kiminlə danışırdın? Cavab verdim: – İnsan çox düşündükdə xəyalpərəst olur. Ev üçün, qohumlarım üçün düşünürdüm. – Sən deyirdin ki, heç kəsin yoxdur. Bunu Ninaya da demişdin. Bilirəm ki, sən ona yalan deməzsən, çünki bir-birinizi sevirsiniz. – Doğru demişəm. İnsan bir-birini sevər, lakin bu sevgi də daimi deyil. İnsan bir-birini ata da bilər. Ancaq bunu aydın demək lazımdır. – Nə danışdığını bilmirəm. Allaha şükür, nə sən, nə də Nina bir-birinizi atan deyilsiniz. – Yox, Təhminə xanım. Bir həftədən bəridir ki, Ninanın tamamilə dəyişdiyini görürəm. O ağlayır, qara geyir, məni və uşağı evdə buraxıb gedir; bunların hamısı onun yeni bir hadisə, yeni bir sevgi macərası ilə məşğul olduğunu göstərir. Təhminə xanım mənə baxıb başını tərpətdi: – Kişilərdə bu cür şübhələr həmişə olur. Mənim rəhmətlik ərim də çox qısqanan adam idi. Hətta bir dəfə yuxumda danışdığımı eşidib məni yuxudan oyandırdı. Kimlə danışdığımı soruşdu. Danışdığım adamın kim olduğunu deyə bilmədim. «Ancaq kişi tayfası olduğunu bilirəm» dedim. Bunun üstündə məni döydü, hərgah yerli olsaydım, boşayacaq idi. Ölənə qədər o kişinin kim olduğunu soruşub məni incidərdi. «Sən kişi fikri ilə yatmasaydın, yuxuda kişilə danışmazdın», deyib mənə nifrət edərdi. Ondan sonra mən onda əvvəlki məhəbbəti görmədim. Oğlum, o zamandan çox keçir. Zaman dəyişibdir. İndinin kişiləri də dəyişməlidir. Heç sənə yaraşar ki, Nina kimi bir qızın haqqında belə şübhələrə yol verəsən? Mən Təhminə xanımın sözlərindən sonra özümə nifrət etməyə başladım. Nə qədər yanıldığımı təsdiq etdim. – Nina bir həftədən bəridir ki, dəyişmişdir, – deyə cavab verdim. – Mən sənə demək istəmirdim. Ninaya və ümumiyyətlə, onun düzəltdiyi firqə üzvlərinə unudulmaz və böyük bir müsibət üz verdi. – Necə müsibət? Nə olmuşdur? – Bir həftə bundan qabaq Maralan səngərlərinə başlamış hücumda qaradağlılar Ninanın firqə yoldaşlarından Hacıağa Əvəz oğlu və Dadaş Qulu oğlunu öldürmüşlər. Bu iş Ninaya və Həsənağaya çox ağır təsir etdi. O, çox ağladı. Bu gün onların həftəsi tamamdır. Onların qəbri üstünə getmişdilər. Nina da getmişdi. Yenə ağladı. İndi məsələni bildin ki? Get, heç vaxt şübhə-filan eləmə! Mən səhvimi anladım. Hələ yeni insanın tərbiyəsini tamamilə mənimsəyə bilmədiyimdən öz-özümə utandım. Gənc qızla danışdığım uzun-uzadı sözləri bir anda fikrimdən keçirdim. Eyni zamanda Ninanın kitabı arasında gördüyüm firqə biletləri gəlib gözümün qarşısında durdu. Hacıağa və Dadaşın firqə biletləri üstünə çəkilmiş qara xətləri bir daha gözümün qabağına gətirib: «Təbrizdə birinci firqə özəyinin birinci və qəhrəman qurbanlarına eşq olsun» – dedim. Anladım ki, gənc qız mənə ürəyini vermiş, lakin ürəyindəki əqidəsini öz ixtiyarında saxlamışdır; çünki o bu günə qədər mənim firqə üzvü olduğumu bilmirdi. * * * Son iclas Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi: – Doğrudan da, o nə söz idi dedin? – Nə söz? – «Yalnız qara köynək deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur». Bu nə deməkdir? Mən belə bilirəm ki, bizim həyatımız bu kimi fəlsəfələrin dövrünü çoxdan keçirmişdir. İndi biz hər sözü bir-birimizə aydıncasına deyə bilərik. Səmimi əlaqəni yaşatmaq üçün inanmaq lazımdır. Madam ki, inanmaq vardır, həyatdakı təfərrüatı axtarmaq səmimiyyətdan uzaqdır. Bizim danışacağımız mühüm məsələlər vardır. Şəxsi məsələlərin vaxtını uzada bilərik. Bu, sonraya qalsın. Sənə bir təzə xəbər verəcəyəm. – Nə kimi xəbər? – Məhəmmədəli şah, nəhayət, rus əsgərinin Təbrizi işğal etməsinə razı olmuşdur. – Doğrumu? – İngiltərə və Rusiya səfirləri şaha nota vermiş, notada avropalıların təhlükə altında olduqlarını göstərib Təbrizə rus qoşununun girməsini tələb etmişlərdir. Eyni zamanda Təbrizdə sakitlik bərpa edilən kimi qoşunların çıxarılmasını da əlavə etmişlər. – Mən bunu bilirdim. Sənə nə söyləmişdim. – Bəs ruslar indiyə qədər nə üçün Təbrizi işğal etməmişlər? – Onlar əvvəlcə inqilabın qələbəsinə inanmırdılar. Hazırda azad edilmiş şəhəri işğal etmək Təbriz inqilabının böyüklüyünü və çarın bu inqilaba nə qədər əhəmiyyət verdiyini aydıncasına göstərir. İslamiyyə təşkilatı dağılandan, əks-inqilab yuvası olan Dəvəçi məhəlləsi təslim olandan və bütün taxıl yolları açılandan sonra çar qoşununun Təbrizə girməsi inqilabın müvəffəqiyyətlərini göstərmirmi? – Şübhəsiz ki, Rusiya öz müstəmləkəsi olan Təbrizdə inqilabın qalib gəlməsinə razı olmayacaqdı. Sən bilirsən ki, konsul daima bu inqilabı dağıtmağa çalışırdı. O, əvvəlcə diplomatiya yolları ilə bizi dağıtmaq istəyirdi. Qafqaz sosial-demokratları buna yol vermədilər. Əcəba, sən erməni ruhanilərinin hiylələrini eşitmədinmi? Bütün bu macaranı idarə edən rus konsulluğu deyildimi? – Bu işlər, bəlkə də, mən Təbrizə gəlməzdən əvvəl olan işlərdir. Bu barədə heç bir şey bilmirəm. – Rus konsuluna verdiyi təlimat üzrə erməni ruhaniləri, erməni burjuaziyası ilə birlikdə ikinci Nikolaya sədaqət teleqramları göndərib inqilabda iştirak etməyəcəklərini bildirməli idilər. Digər tərəfdən konsul əncümləndəkilərdən bir çoxunu ələ alıb şahla Səttar xan arasında saziş yaratmağa çalışırdı. Bu barədə əncümən üzvlərindən bəziləri Səttar xan və Bağır xanı bu sazişə razı etmək üçün işləyirdilər. Lakin sosial-demokrat qrupu vaxtında işə müdaxilə edib konsulun bütün fırıldaqlarını nəticəsiz buraxdı. Burada çar siyasəti ilə tanış olan Bakı işçiləri daha da ciddi hərəkət etdilər. – Bakı işçilərinin burada nüfuzu vardırmı? – İran sosial-demokratları bunu lazımınca təqdir edirlər, çünki İran sosial-demokrat firqəsinin müəssisi Bakı işçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur. İran inqilabı uğrunda yüzlərcə Zaqafqaziya işçisi qurban verilmişdir. – Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir, – deyə Nina bir ah çəkdi. – Heç bir şey məhv olmayacaqdır. Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alovlanacaqdır. – Onu mən görməyəcəyəm. – Nə üçün? – Çünki mən İranda qalmayacağam. – Nə üçün qalmayırsan? – Nə üçün və kimin üçün də qalım? İnqilabın boğulduğunu görməyəmi? Asılanların yasını bağlamağamı? İnqilab rəhbərlərinin zəlil və əsir halını görməkdən ötrümü? İnqilab yoxdur, mən də yoxam. Bir halda ki, sən də burada qalmayacaqsan. – Gənc qız! Sən yenə də əski dünyana qayıda bilməzmisən? – Çox çətin! Ora çox uzaqdır. Mən yeni dünyaya yeni duyğularla gəlmişəm. O duyğunun içərisində sən də varsan. Bir də mən mübarizəli həyata alışmışam. – Mübarizə etmək daim mümkündür. – Mübarizə hislərimi oyadan, məni bu nəşəli həyata dəvət edən qismən sənsən. Mən bu yolları tanıyırdım. Fəqət öyrənməmişdim. Bu ağır mübarizə, hətta ölüm qoxuyan mübarizəyə gülə-gülə girdim. Fəlakətin üzərindən nəşələr alaraq atılırdım. Buna səbəb sən idin. – Ümid edirəm ki, yenə də görüşəcəyik. Həyat imkan verərsə, yenə də bir yerdə oturub Təbrizin qəliz dumanları altında nəşələndiyimizi xatırlayacağıq. Nina bu sözdən sonra özünü saxlaya bilmədi, yataq otağına qaçdı. Mən də İnqilab Şurasına gedəcəkdim. * * * Mən İnqilab Şurasına getməzdən əvvəl evə gəldim. İngilis simi vasitəsilə Culfadan vurulmuş bir teleqram verdilər. Teleqram İran İnqilab Komitəsinin Culfa şöbəsi üzvlərindən Baxşəli ağa Şahtaxtlı tərəfindən vurulmuşdu. «Bu gün sərhəddən beş min çuval keçirib Təbrizə yola saldıq. Malları çuvallara doldurub özün də gələrsən». Bu teleqramdan beş min nəfər rus əsgərinin sərhədi keçdiyini anlamaq olurdu. Teleqramı da götürüb təcili surətdə İnqilab Şurasına gəldim. Burada fövqəladə bir şadlıq gördüm, çünki hökumət qoşunu çəkilib Sərdrud, Qaradağ yolları açılmışdı. Təbrizə yemək şeyləri sülh vaxtından artıq gəlirdi. Mən rusların sərhədi keçdiyini xəbər verib şurada şadlığı pozmağa cəsarət etmirdim. Lakin bunu mümkün olduqca tez demək lazım idi. Danışmaq üçün söz aldım. Orada oturan adamlar deyəcəyim sözlə çox maraqlanırdılar. Danışmağa başladım: – Gözlədiyimiz qorxu yaxınlaşır. Azad olmuş şəhərin küçələrində çar kazaklarının səsini eşitməyimizə çox az qalmışdır. Məhəmmədəli şah rus qoşununun Təbrizi işğal etməsinə razılıq vermişdir. Məclisi sükut bürümüşdü. Hamı bir-birinin üzünə baxırdı. İlk dəfə danışmağa cəsarət edən yox idi. Hətta çox adam bir söz demədən durub gedirdi. Oradakıların bir çoxu inqilabın qeydinə deyil, yalnız öz qeydinə qalırdı. Bir çoxunun simasında acizlik, qorxaqlıq, ikiüzlülük görünürdü. Bəziləri öz yanındakı ilə xısın-xısın danışırdı. – Ağa, bunun axırı necə olacaqdır? – deyə bir-birindən soruşurdu. Qəlyanların qəmişlərini ağızlarında tutmuş bir çox üzvlər quruyub qalmış, soyumuş və odu çoxdan sönmüş qəlyanı sümürürdü. Özünü itirməyənlər də vardı. Bunlar isə Səttar xan, bir də Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri idi. Danışıq başlanmışdı. Bir çoxları – dövlətlər buna razı olmazlar – deyə özləri belə inanmadığı halda bununla təsəlli tapmaq istəyirdi. Bəziləri – bütün dünyaya müraciət edərik, İnternasionala xəbər verərik – deyib məclisə müraciət edirdi. Hacı Mehdi ağa bu sözü bir neçə dəfə təkrar etdi. Mən yenə də söz aldım. – Xarici dövlətlərə və II İnternasionala müraciət etməyin heç bir zərəri yoxdur. Bunların hamısı çar Rusiyasının tarixi xəyanətini dünyalara bildirmək üçün bir vəsiqədir. Lakin bunların heç biri rusların Təbriz üzərinə başladığı hücumun qarşısını ala bilməz. Möhkəm müahidənamələrə görə rus hökumətinin İran işlərinə müdaxilə etmək səlahiyyəti vardır. Gülüstan müahidənaməsi hələ gücdə qalır. Bunlardan başqa, Rusiya–İngiltərə arasında bağlanmış 7-ci il müqavilənaməsi də buna müsaidə verir. Nüfuz məntəqəsinə bölünmüş İran, xüsusən Azərbaycan, Rusiya ixtiyarına buraxılmışdır. Rusiyanın baş ərkani-hərb miralayı Medvedyevin yazdığı əsərində Rusiyanın məqsədi tamamilə aydındır. Əsərdə deyilir ki, «İran barıt anbarına oxşayır. İndi o, qorxulu bir qonşu şəklini almışdır. Bu yer Rusiyanın yaxın qonşusudur. Gülüstan müahidənaməsi hələ gücdədir. Biz asayişi bərpa etmək üçün İranı işğal etməyə bundan da əlverişli vaxt bilmədik». Bütün bu vəsiqələr çar Rusiyasının İranı işğala hazırlaşdığını çoxdan bəri göstərirdi. Məclisdə səslər ucaldı: – Hazırda nə etməliyik? – dedilər. Mən yenə də sözə davam etdim: – Ruslar gəlir, onlar inqilaba rəhbərlik edənləri təqib edəcəkdir. Ruslar özləri də olmasa, onların tərəfindən Təbrizə təyin edilən hökumət silahları da istəyə bilər. Ruslar Qafqazdan gələn inqilabçıları da tələb edəcəklər. Könüllü gələnlər və sairələrin də tələb olunacağı mümkündür. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. Ruslar ən kiçik bir hadisədən belə istifadə edəcəklər. Xüsusən inqilabın baş rəhbərləri haqqında da dərin bir surətdə düşünməlidir. Onların müdafiəsi yolunda kütləvi tədbirlər görülməlidir. Zənnimcə, bu gün bizim son və tarixi iclasımızdır. Buna görə də indiyə qədər açıq danışmadığımız bir para sözləri danışmalıyıq. Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir, Təbriz inqilabının birinci səhnəsi qapanır. Biz inqilab zamanında o mübarizənin ciddi günlərində bizimlə yan-yana gedən bir çox inqilabçıları dişimizə vurduq. Çətin günlərdə evinə qapananlar da vardı. Səslər: – Şəxsiyyətə keçilməsin. – Mən şəxsiyyətdən danışmıram. Fəqət onu hər kəs bilməlidir ki, bəzən tək-tək şəxsiyyətlərin də inqilabda mühüm rolu olmuşdur. Qələbə günlərində, təşəbbüs inqilabçıların əlində olduğu zaman inqilaba qoşulmaq o qədər də çətin deyildi. Lakin inqilab fikirləri zirzəmilərə girdiyi zaman iş daha da çətinləşir. Belə bir gündə inqilabçı olanlar, belə bir gündə irtica qərargahına keçməyənlər həqiqi inqilabçılardır. Lakin təəssüflər olsun ki, bizimlə bir neçə aydan bəri üz-üzə oturub inqilabçılıqdan dəm vuranların bir çoxu çar himayəsinə girmək üçün vasitə aramaqdadırlar. Səslər: – Şəxsiyyətə keçilməsin. – Mən sözümü aydın deməliyəm: inqilabın qızıl bayrağı altında kölgələnən, «bunu bütün Şərqə aparacağam» deyənlərdən bir çoxu ruslar Təbrizə girəndə damına vurmaq üçün çar bayrağı da tikməkdə imiş. Bunların hamısı doğru. Bunları inqilab heç vaxt unutmayacaqdır. İnqilabçılara qarşı hər bir xırda çıxışa tarix böyük xəyanət kimi baxacaqdır. İndiyə qədər bizə yoldaşlıq edib hazırda əks-inqilab qərargahına keçənlərdən heç bir şey tələb etmirik. Getdilər, qoy getsinlər. Ancaq bizə düşmənçilik etməsinlər. Köhnə dostlarının ayağından çəkməsinlər. İnqilab ölməyir, o yalnız öz hərəkət məntəqəsini dəyişir. İnqilabın gücü mərkəzə köçürülür. Məclisdən bir çoxu durub getmişdi. Məclisdə qalanlar inqilabın ayrılmaz oğulları idi. Bir-birinin əlini sıxanlar, öpüşənlər, ayrılanlar, ağlayanlar da vardı. * * * Təbriz çar kazakları əlində Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi. Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər. Qulağım olduqca müxtəlif, lakin eyni zamanda olduqca yekrəng sözlər eşidirdi: – Allah imperatorun qılıncını kəskin eləsin. – Allah onun bircə oğlunu bizə çox görməsin. Bu əlvatın əlindən yaxamız qurtardı. – Biz bu cür deməmişdik, bu cür məşrutə bizə lazım deyildi. – Hamısı babi, hamısı Qafqazın əcamir, ovbaşı, lopu-potularıdır. – Ağa, qafqazlı hara, təbrizliyə köməyə gəldi hara?! – Başınıza and içirəm, inanın, bunların hamısı falşivədir. Bunların hamısı urusları məmləkətə gətirməkdən ötrü idi. Qaranlıq düşməyinə baxmayaraq, küçələrdə əcnəbi qadınları da görünürdü. Nazik əlbisələr geyib gəlin kimi bəzənmiş qadınlar, yəqin ki, çar ordusunu qarşılamağa gedirdilər. Yolda Tütünçüoğluna rast gəldim və: – Hara getmişdin? – soruşdum. Onun gözləri yaşardı. – Rus konsulxanasının yanına getmişdim, Oradakı qiyamətə tamaşa edirdim. – Nəyə tamaşa edirdin? – Konsulxanaya gedib-gələnlərə. – Kimləri gördün? – İslamiyyədə oturanları, əks-inqilabın əmmaməli rəhbərlərini, Təbrizdə oturub Peterburqa qulluq edən casus seyidləri. Bizimlə çiyin-çiyinə durub «yaşasın məşrutə!» deyənləri də gördüm. Məni yandıran da axırıncı vicdansızlardır. Mənim yolum konsulxana qarşısından idi, Tütünçüoğlunu da əldən buraxmadım, bir saat da olsa, onunla danışmağı, inqilabın ən inadkar bir qəhrəmanı olan bu vüqarlı, gənci eşitməyi qənimət bildim. – Gəl, gəl son saatımızı bir yerdə keçirək, – deyə Tütünçüoğlunun qolundan tutdum, sizi İranın inqilab tarixi də xatırlayacaqdır. Ancaq mənim bir arzum vardır ki, o da sizin əks-inqilaba atdığınız bombaların səsini bir daha eşitməkdən ibarətdir. Bu sözdən sonra Tütünçüoğlu məni qucaqladı, öpüşdük, ikimiz də ağladıq. Konsulxana qarşısına getməyimiz o qədər də qorxulu deyildi, çünki həm paltarımızı dəyişib ingilis konsulxanası işçilərinə məxsus paltarlar geyinmişdik, həm də hava qaranlıqlaşırdı. Konsulxanaya yaxın küçələrdə gediş-gəliş qeyri-adi bir şəkil almışdı. Burada çar bayrağı satmaq üçün kiçik bir dükan da açılmışdı. Bayraq almaq istəyənlər növbəyə durmuşdular. Bayraq satan uca səslə oxuyur: – Gəl başıva dönüm, – deyirdi, – al başıva dönüm. İmperator bayrağıdır, qapının zinətidir, kişinin qeyrətidir, qurtarır, sabaha bir dənə də qalmayacaqdır. Bu adam mənim diqqətimi cəlb etdi. Tütünçüoğlu bunu mənə tanıtmaq üçün dedi: – Bu haramzadanın misgər bazarı ağzında gəlin bəzəyi, cığ-cığa və başqa şeylər satan dükanı vardır, özü də mücahidlər siyahısındadır. Buradan keçdik, konsulxana qapısında, doğrudan da, bir qiyamət qopmuşdu. Bütün əks-inqilab rəhbərləri, casuslar, ikiüzlülər, çar himayəsinə keçib iranlıları qarət edənlər, seyidlər və mollalar hamısı burada idi. Buraya toplaşanlar bir neçə dəstəyə ayrılmışdılar. Hər dəstənin arasında bir nəfər durub əlindəki kağıza bir şey yazırdı. Bu adamın yanında böyük bir fənər qoyulmuşdu. Hər kəs irəli soxulub adını həmin kağıza yazdırmağa tələsirdi. – Ağa, bəndəni də yaz, – deyənlər həddindən artıqdı. Siyahını yazan məşhur əks-inqilabçı, çar konsulxanası casuslarından Hacı Mirməhəmməd gecpəz idi. Seyid tərlədiyindən onun əmmaməsini başqa birisi əlində saxlamışdı. Qardaşı Mirqurban da o biri dəstənin arasında durub rus himayəsinə keçmək istəyənlərin siyahısını tuturdu. Yenə də müxtəlif səslər eşidilirdi: – Ağa, cəddinə qurban olum, məni də o kağızcığaza qeyd elə. – Sən hələ səbir elə! – Nə üçün? Belə sənin ayağın altında ölüm, özün bilirsən, biz dədə-babadan konsulxanaya nökərçilik eləmişik. – Ağa, məşədi Nemət Qəzvinini də yazın. – Yazmışam. – İsfəhançıları da yazın. – Kiçik qardaşları yazılmayacaq. – Nə üçün? Qadanı alım, ağa! – Əncümən həyatində sinə vuranların adı bu siyahıya düşməz. – Ağa, bu nə iftiradır, sən bilirsən ki, mən də özbaşıma ora getməmişəm, məni göndəriblər getmişəm. – Sonra danışarıq. – Vasminci cənablarını da yazın. – Bu saat! – Hacı Səttar ağa Xamənəyi... – Yazılıb. – Gevgani. – Bu saat. – Xəyabani və əxəviləri... – O da gözüm üstə. – Fişəngçilər. – Olmaz! – Nə üçün? – Məşrutəyə fişəng satanlar islamın düşmənidir. – Yalançının cəddi özünə qənim olsun! – Kəs səsini cakəş! – Cakəşin səsi gəlir. – Dala çəkil, lifgirin birisi! – Gedə, kimə lifgir deyirsən? – Sənə! – Mənə? – Bənəmənə! Adlarını çar himayəsi cədvəlinə yazdıranlar möhürlərini də çıxardıb adlarının altına basırdılar. Bir çoxları yan və qoltuq ciblərini axtarıb möhürünü tapmadıqda böyük bir həyəcanla oğlunu və qardaşını səsləyərək deyirdi: – Məhməd ağa! Gedə, qaçaraq yüyür evə, möhürüm qələmdandadır, qələmdan da camaxatandadır. Orada olmasa rəfdədir, rəfdə də olmasa urusunun yanındakı taxçadakı mücrünün dalısındadır, tez ol, yüyür qoççum. Daha yubanma, o vaxt deyil, özünü öldür, məni qurtar! Buradan keçib başqa bir dəstəyə də rast gəldik. Bunu da Hacı Fərəc Sərrafın oğlu Mirzağa idarə edirdi. Biz artıq konsulun qapısına yaxınlaşmışdıq. Burada əks-inqilab rəhbərlərinin konsulxanaya toplandığını aydınca göstərən yüzlərcə məxmər palanlı eşşək saxlanmışdı. Bir azdan sonra əks-inqilabın ştabı olan «İslamiyyə» «qəhrəmanları» dışarı çıxdılar. Mollalar ağ əmmamələrini düzəldib ağ eşşəklərə səvar oldular. Dəvəçi məhəlləsi lotularından kababçı Həsən, Kazım Davatgəroğlu, qulağıkəsik Ələsgər və sairləri də ağaların üzəngilərini tutub uzunqulaqlara mindirirdilər. Ağalar yola düşdü, onların dalınca da qaragüruh salavat çəkib hərəkət etdi. Bunlar çar qoşununun istiqbalına gedirdilər. İnqilabçı Təbrizin müqəddəratını çar generalı Snarskinin əlinə tapşırmağa tələsirdilər. Biz durub baxırdıq, salavat səsi hələ eşidilməkdə idi. Biz qayıtdıqda bir piyada dəstə də Acı körpüsünə tərəf gedirdi. Qayıtmışdıq. İkimiz də düşünürdük. Mən birdən-birə Tütünçüoğluna müraciətlə Təbrizlə vidalaşacağımı söylədim. – Gəl bir az da öpüşək, əziz yoldaş, bəlkə, bir daha görüşmək mümkün olmadı. Biz Təbrizi tərk edirik. Təbriz indi bizim deyil, əks-inqilab əlindədir. İndi gərək bütün qüvvəmizi Tehranın alınmasına sərf edək. Öpüşdük, ayrıldıq. Küçəmizi dəyişdik. Mən gedirəm, fəqət Tütünçüoğlunun inqilab günlərindəki qəhrəmanlıqlarını nəzərimdə canlandıraraq gedirəm. Gecədir. Sakit küçələrlə gedirəm. Səs yox, səmir yox, inqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. Topların, bombaların yaylım atəşlərinin ninnisinə adət etmiş bu şəhər indi uyumaqdadır. Səs yoxdur, lakin döngədən-döngəyə keçdikcə xəfif xışıltılar eşidirdim. Ucan yaylasından əsən sərin külək söyüd ağaclarının boynunu qucaqlayıb yeni göyərmiş incə yarpaqların dodaqlarından öpür, onu nazlandırır, təbiətin ipək köynəyinin ruhoxşayıcı xışıltısını küçələrə dağıdırdı. Bu gecə Təbriz olduqca əsrarəngiz və qorxulu idi. Siyasi dumanların kəsif kürkünə girib bir tiryəki kimi nəşələr dünyasında üzən bu şəhər, minlərcə çar casuslarının, yerli xəfiyyələrin əlində idi. Tacir casus, mülkədar casus, molla casus, seyidlər casus. Casus olmayan yoxsul təbəqəyə gəldikdə, o da mədəniyyətsiz, düşüncəsiz dinçilərdən ibarət idi. Bu düşüncələr içərisində gəlib Ninanın evinə girdim. Ev sahibi Minasyan məni qarşıladı. O, Ninanın xəstələndiyini söylədi. Məni şiddətli bir həyəcan bürüdü, çünki mən yol üstündə idim, onun xəstələnməsi və mənim onu xəstə ikən buraxıb getməyim olduqca uyğunsuz bir vəziyyət törədəcəkdi. Minasyan qorxusundan dışarı çıxa bilmədiyini, daşnakların Xey və Urmi şəhərinə çəkildiklərini, orada olan erməni kəndlərində yaşamaq istədiklərini söylədi. O, erməni ruhanilərinin ermənilərə dəvətnamə göndərdiyini və onları general Snarskinin istiqbalına getməyə məcbur etmək istədiklərini də xəbər verdi. Otağa girərkən Ninanın yatdığını gördüm. Balaca Məcid dəsmal isladıb Ninanın başına qoymaq istəyirdi. – İndi mənim bütün ümidim o uşağadır, – deyə Nina qalxıb oturdu. Vaxt keçirdi, mən heç bir müqəddiməyə başlamadan Təbrizi buraxdığımızı Ninaya xəbər verməli idim. – Nina, inqilabın birinci dövrü bitdi, – deyə əlimi onun alnına qoyub hərarətini yoxladım. – Müvəqqəti olaraq dayanmış inqilabın hərəkat məntəqəsi indi mərkəzə köçür, hərbi İnqilab Şurası buraxıldı. Gizlin hərəkat üsuluna keçilməsi qərara alındı. Nina dərin bir sükuta daldı; o, yenə hər zaman təkrar etdiyi kimi: – Bilmirəm, axırımız necə olacaqdır, – deyib ağladı və başını çiynimə qoydu. Mən isə: – Səbir et, – dedim. – Ürəyin inqilabçı ürəyi olsun. Sən bir çox təhlükəli vəzifələr ifa edən, heç bir təhlükədən çəkinməyən Ninasan, bu müvəqqəti haldan da qorxmamalı, öz vüqarını pozmamalısan. Bu saat son görüş saatımız olsa da, zənnimcə, inqilab bizi yenə də görüşdürəcəkdir. Qız böyük bir heyrətlə: – Əcəba, biz yarın bir daha görüşməyəcəyizmi? – deyə dəlicəsinə soruşdu: – Son görüş üçün gəldim, Nina! – dedim. O, yenə də: – Sən Təbrizdə olmayacaqsanmı? – deyə soruşdu. – Xeyr, bu gün getməliyik. Yoldaşların hamısı gedir. – Hara? – İnqilabın tələb etdiyi yerə gələcəyəm. Gəlmədən əvvəl sənə məktub göndərəcəyəm, Rəştə getməli, oradan da Tehran üzərinə hücum edən dəstələrə qoşulmalıyıq. – Sən firqəçimisən? – deyə soruşduqda, mən: – Firqəçiyəm, – dedim. Bu sözlərdən sonra Nina boynuma sarıldı, dodaqlarım unudulmaz bir istilik hiss etdi. Ninanın evindən necə çıxdığımı bilmədim. Ancaq qoynumda olan bir dəstə rus parasını Məcidə verib qapıya doğru döndüyümü xatırlayıram. Bu gecə Səttar xan bir vida ziyafəti vermişdi. Ziyafətdə qafqazlılar və İran sosial-demokrat təşkilatının üzvləri iştirak edirdi. Səttar xan olduqca düşüncəli və kədərli idi. Qəlyanı-qəlyandan ayırmayırdı. Qəhrəmanın alnındakı dərin qırışlar çıxılmaz bir vəziyyət qarşısında qalan qəlbini ziyafətdəkilərə oxudurdu. Onun əymə və qövsi qaşları tez-tez qalxır, alnının biri digəri üzərindəki qırışıqları da kaman şəklini alaraq, qəhrəmanın intiqam hisləri bəslədiyini andırırdı, bütün çətinlikləri su kimi içən qəhrəman indi hər bir hərəkətində böyük çətinliklərə təsadüf etdiyini anladırdı. Məclisi sükut bürümüşdü, yalnız qəlyan tüstülərinə qoşulub, dərin ürəklərdən çıxan ahlar eşidilirdi. Heç kəs danışmırdı. Hamı Səttar xanı dinləmək istəyirdi. Qəhrəman danışdı, lakin çox az danışdı: – Bizim rusların qarşısına çıxmağımız, Təbrizi onlardan müdafiə etməyimiz çox da çətin deyil, hərgah mən bilsəydim ki, bizim çar ordusu ilə vuruşmağımız inqilabı müdafiə edəcək, hərgah ki, «İslamiyyə»də oturan namüctəhid, naseyidlər bizim ruslarla çıxaracağımız ixtilafdan qazanmayacaq, yenə də vuruşardım. Rəfiqlərim! Əziz silah yoldaşlarım! Bizim vuruşmağımız faydasızdır, çünki ixtilafdan əks-inqilab rəhbərləri fayda götürəcəkdir. Buna görə də biz inqilabda qalib gələn Təbrizi çar ordusuna tapşırmağa məcburuq. Lakin bununla bizim inqilabda qazandığımız qələbənin qiyməti azalmır. Biz qafqazlı yoldaşların inqilaba olan xidmətlərini, xüsusən Bakı işçilərinin köməyini, heç vaxt unuda bilməyəcəyik. Qafqazlı yoldaşlar, Bakı və Tiflis işçilərinə mənim salamımı aparın! Biz beşinci il inqilabının oğlunu böyüdəcəyik! Siz mənim dilimdən onlara söyləyin Səttarın inqilaba xəyanət etmədiyini, yenə də öz yolunda durduğunu onlara xəbər verin! Səttar xanın bugünkü çıxışı və qısa nitqi olduqca böyük təsir bağışladı. Uzun danışmağa vaxt olmadığından, Sərdarın cavabını qısa cümlələrlə verdim: – Biz Təbrizdən unudulmaz xatirələrlə ayrılırıq, bu xatirəni, xüsusən Sərdarın qəhrəmanlığından aldığımız təsirləri bütün Qafqaz işçiləri arasında yaymağa söz veririk. Bunsuz da Qafqaz işçiləri, xüsusən Bakı işçiləri İran inqilabına, cənab Sərdarın şəxsində olaraq tükənməz bir məhəbbət bəsləməkdədir. Bizim və bizi cənab Sərdarın mübarizləri cərgəsinə göndərənlərin İran kəndlisi və İran yoxsulları ilə olan qardaşlıq əlaqəsi daimi olaraq davam edəcəkdir, inqilab ordusunun dahisi və bütün İran yoxsullarının sevimlisi Səttar xanı inqilab dünyası durduqca unutmayacaqdır. Mənim sözlərimdən sonra Sərdar süfrə başında oturanları bir daha gözdən keçirərək dedi: – Burada oturan rəfiqlər inqilabın sınanmış üzvləridir. Yalançılar gəlməmişdir. Səttarın qapısının torpağından öpməyi özlərinə şərəf bilən yaltaqlar bu gün başqa qapıları döyməyə getmişlər. Ziyafət gecə saat birdə bitdi. Görüşdük, öpüşdük, bir-birimizə olan tapşınqları verdik. Yol üçün hər şey vaxtında hazırlanmışdı. Bizi Xoy şəhərinə qədər yola salmaq işinə məsul olan dörd nəfər də gəlib çıxdı. Səttar xanın evindən kiçik rus naqanlarını və əl bombalarını götürdük. Sərdar bizi küçə qapısına qədər yola saldı və: – İnqilabın həqiqi qəhrəmanları məndən ayrıldı, – dedi. Mən Sərdarın ziyafətindən çıxıb evə gəldim. Təhminə xanım və oğlu Həsənağa oturub məni gözləyirdilər, onlar haradansa mənim Təbrizdən getməyimi eşidib gəlmişdi. Mənzildə olan bütün şeyləri onlara bağışladım, vidalaşdım, Təhminə xanıma Ninanın yanına köçməsini tapşırdıqda, ana və bala Ninanın halına ağlamağa başladılar. Mən Həsənağaya müraciətlə siyasi dərnək üzvləri ilə məşğul olmalarını, onu genişləndirməyə çalışmalarını, sirlərini başqalarına verməmələrini tapşırdım. – Qorxmayın! – dedim, siz yenə qalib gələcəksiniz. Sizin fikriniz bütün dünya işçilərinin fikridir. Bir gün olacaq ki, Təbrizin birinci siyasi dərnəyində iştirak edənlərin heykəlini meydançalarda, bağlarda qoyacaqlar, inqilab cəbhəsində birinci bombanı atan iranlı sənsən və bir də Tütünçüoğludur. Bir-birinizdən ayrılmayın! Sonra Ninaya kiçik bir məktub yazdım: «Əziz yoldaşım! Hazırda köçmək üzrəyəm. Təhminə xanımdan sənin yanına köçməsini rica etdim, o da qəbul etdi. Təbrizdən çıxmamalısan. Yazışarıq. Bəlkə də, vəziyyət dəyişdi. Ona da ümid çoxdur. Yenə də Təbrizdə görüşərik. Balaca Məcidin üzündən öpürəm, kiçik məktubumda yazdığım kəlmələrin onun incə dodaqlarından çıxacağını xatırlayaraq təsəlli tapıram. Sənsiz gedirəm, fəqət səninlə gedirəm. Salamat qalın! Təbriz, 30 aprel 1909». Yolumuz Xoy şəhərinədir, oradan Şahtaxtı kəndinə, buradan da Araz çayını keçib Bakıya və Tiflisə getməli idik. Küçələrdə bir pişik belə yoxdur, ayrılmaz yoldaşlar qırılmaz zəncir halqaları kimi biri digərinin dalınca düzülüb gedir. Biz gedirdik, bir çox Qafqaz inqilabçılarının nişansız məzarı ilə vidalaşaraq gedirdik. Bir neçə ay bundan əvvəl çox idik, çox iş gördük, çox da itirdim, bir çox çalışqan və qəhrəman yoldaşlarımızı sıramızda görmədən gedirik. Mən küçənin bir tərəfində durub Təbrizdən gedən yoldaşları gözdən keçirdim və saydım. Vladimir Dumbadze yox, Valiko Baqradze yox, Sandro Veşaqori də cərgəmizdə deyil. Çıta Georgi Emoşvari, Petro Poçuvanaxvaladze, Puls da yoxdur. Biz sanki yoldaşlarımızın qəbri üzərində durmuşduq, hamı papağını götürdü. Bir daha yoldaşların nişansız məzarları ilə vidalaşaraq yola düşdük. Heç şübhə yoxdur ki, bütün yoldaşların qəmgin ürəyindən belə bir səs qalxmaq istəyirdi: Təbriz! Qoynuna aldığın bu ölməz simalar, bizi birinci çağırışda yenə də sənin yardımına cəlb edəcəkdir, onları yaxşı saxla! Bunların Eynəli, Zeynəli dağlarına yağdırdığı bombaların səsi əbədi olaraq İran əks-inqilabının qulağında cingildəyəcək, onların ürəklərini məhv oluncaya qədər yeyəcəkdir. Bunları yaxşı mühafizə et! Bunlar gənc Təbriz inqilabının qurbanlarıdır! Təbriz yatıb, coşqun inqilab da müvəqqəti bir sükuta dalmışdı. İranın birinci pioneri Məcid də uyumuşdu. Lakin gözünə yuxu getməyənlər də yox deyildi. Bütün İranı yerindən oynadan Səttar xan da, çay xəfiyyələrinin gözündən gizlənməyə müvəffəq olan Nina da gözlərini qapasa da, uyumamışdı. Son kərə dönüb Təbrizə baxdım, şəhər görünməyirdi. Təbriz yenə də qara bir xülya kimi qaranlıq və müəmmalı dumanların qoynuna girmişdi. Qulağımız «ura» səsləri eşitdi. Bu səs, şahzadə bağına girən çar ordu hissələrinin səsi idi. * * * Ninaya məktub «Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik: – Qafqaz mücahidləridir. – İçlərində müsəlmanlar da var. – Səttar xanın yoldaşlarıdır. – Bunların da evləri, bunların da ana-bacıları var. – Ağızlarına güllə vursan qayıtmazlar. – Heydər Əmioğlu gələn yerlərdən gəlmişlər. – Görəsən, nə üçün gəliblər? – Buranın mücahidləri ilə tanış olmağa gəliblər. Gözəl Ninam! İndi bizim olduğumuz bu şəhərdə çar nüfuzu yoxdur. Burada Təbrizin çar kazakları əlinə keçməsini bilmirlər. Ziyafətdən sonra şəhəri gəzməyə çıxdıq. Əvvəlcə bizə qalanı göstərdilər. Qala palçıqdan qayrılmış cəsim bir qaladır, hər tərəfdən su içərisindədir. Şəhərə körpü ilə keçilir. Qalanın üstündə əski İran topları qoyulmuşdur. Cəbbəxanaya getdik. Yeni və köhnə bir çox topları, rus, alman, fransız və ingilis tüfəngləri vardır. Biz bu silahların gizlədilməsi üçün yerli sosial-demokratlara təlimat verdik. Şəhər olduqca gözəl və səfalıdır. Qotur çayından çəkilmiş kanallar vasitəsilə şəhərin bütün küçələrindən sular axır; lakin bu qədər bol suya və yaşıllığa baxmayaraq, şəhər yenə də təmiz deyil, suların üstü açıqdır, hər kəs evindən süpürdüyü zibilləri evin qarşısından keçən suya tökür. Şəhərin qalasından çıxaraq Urmu şəhəri tərəfinə gedən yolun başlanğıcı geniş və uzun bir xiyabandır, lakin xiyaban başlı-başına buraxıldığından dağılmışdır. Şivən adlı məhəllə qaladan kənardadır. Buranın gözəl havası olduğuna baxmayaraq, məhəllədəki dabbağxananın üfunəti burada yaşamağa deyil, səyyahların keçməsinə belə imkan vermir. Burada da Təbrizdə olduğu kimi bəst vardır. Burada da iflas etmiş tacirlərin, canilərin və zalımlardan qaçanların hökumətdən qaçaq düşənlərin gizlənməsi adətdir. Bəsti ziyarət etdik, oranın mollaları bizə hörmət edərək içəri buraxdılar. Bu kağızı sənə yazdıqdan sonra yola düşəcəyik. Gedəcəyimiz yollar qorxuludur. Maku torpağından keçib Rusiya sahilində olan Şaxtaxtı kəndinə getməliyik, orada Araz çayını gizlincə keçib dəmiryolla Bakıya, Tiflisə yola düşəcəyik. Nina! Məşədi Kazım ağaya tapşırmışam, hərgah ehtiyacın olsa, ona müraciət et. Özünü konsulxanadakı haramzadalardan mühafizə etməyə çalış. Təhminə xanımı dinlə, Həsənağa və Tütünçüoğlunun paraya ehtiyacları olsa, onları təmin et. Bacın İraidanın yolu ilə getmə və onun məsləhətlərinə də qulaq asma. Bacardıqca ona təsir et, çünki konsulxana ondan istifadə etməyə çalışır, onu bir rüsvayçılıq və fəlakət gözləyir, onu qurtarmaq sənə mümkün olmasa belə, özünü fəlakətdən qoru. Çar konsulu onu öz siyahısında olan qızların cərgəsinə salmağa çalışır. Hamınıza salam. Balaca Məcidi öpürəm. 4 may 1909». * * * Ərəblər xanı Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir. Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik. Şiddətli yağışlar davam edirdi. Araz çayı daşıb sahilləri basmışdı. Kontrabandaçılar bu gecəni və sabah gündüzü Ərəblər kəndində qalmağı bizə məsləhət gördülər. Biz isə hər birimiz bir çayçı dükanında düşməyi məsləhət görmüşdük, tutulsaq, hamımız bir yerdə tutulmayaq, – deyə hərəmiz bir tərəfə dağılmışdıq. Mən Qulaməli adlı bir kişinin dükanında mənzil etmişdim. Dükan olduqca hisli, kirli, kəsafətli idi, burada nəfəs almaq belə mümkün deyil. Palçıqdan qayrılmış və üstünə həsir salınmış dar bir səkidə oturmuşduq. Yanımda Müslüm adlı gənc bir kontrabandaçı vardı. O mənə müraciətlə: – Siz də qandrabandçımısınız? – deyə sordu. – Xeyr, – deyə cavab verdim. – Qorxmayın, buradakıların hamısı bir peşədədir. – Olsun da, mənim heç bir şeyim yoxdur. – Qəlbin sınmasın, nigaran da qalma, çünki mən səni ilk dəfədir ki, görürəm. Ona görə də səni xəbərdar etmək istəyirəm. – Nədən? – Bu kəndə qandraband mal aparmaq üçün gələnlər kəndin xanının yanına gedib ondan razılıq almalıdırlar, yoxsa çaydan mal keçirməyə və bu kəndə gəlməyə kimsənin ixtiyarı yoxdur. – Xan kimdir? – deyə soruşduqda gənc cavab verdi: – Şükürpaşa xandır. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənənin əmisi oğlu. – O, çox varlıdırmı? – Varlıdır. Ərəblər kəndindən əlavə yenə də kəndləri var, qapısında donuzu əskikdir. Amma Murtuzaqulu xanla araları yoxdur, qanlıbıçaqdırlar. Maku xanının adamları burada dolana bilməz. Mən bu sözdən sonra bir az rahat olub çayı içməyə başladım. Hələ çayı içib qurtarmamışdım ki, yaşlı bir kişi içəri girərək soruşdu: – Qulaməli dayı, təzə qonağın neçə nəfərdir? – Bircə nəfərdir. Qalanlarını tanıyırsan. – Qonağın kimdir? – deyərək bir də soruşdu. Çayçı məni göstərərək: – Budur bax, bu əmioğludur, – dedi. Əlində ağac olan kişi mənə yanaşaraq: – Buyurun, qardaşoğlu, sizi cənab xan hüzuruna çağırır, – dedikdə məni heyrət götürdü. Öz-özümə «əcəba, bu haramzada məndən nə istəyir?» – dedim. Yanımdakı Müslüm qulağıma əyilib yavaşca dedi: – Qorxma, başqa şey ola bilməz. Səni qandrabandçı bilərək çağırmış, bir şey olarsa, biz buradayıq, xanın yanına gəlib danışarıq. Mən heç bir söz demədən qoca kişinin qabağına düşüb xanın evinə yollandım, kişinin əlindəki fanarın işığı ilə ayağımızı daşların üstünə qoyub palçıqlardan və küçələrdən keçirdik. Ara-sıra həmin kişi də: – Qardaşoğlu, buradan buyurun, – deyə palçıqsız yerləri göstərirdi. Xanın evinin ətrafındakı küçələr daşla döşənmişdi. Xanın qapısında müxtəlif vəzifələr ifa edən qulluqçular qaynaşırdı. Həyətdən həyətə keçdik. Həyətlərin hamısında sısqa göz bəbəkləri kimi saralmış fənərlər yanırdı. Balkona oxşayan bir yerə çıxdıq. İşıqlı bir dəhlizin qapısında durmağı mənə əmr etdilər, məni gətirən kişi də qapıda duran tüfəngliyə müraciətlə: – Bu qardaşoğlu xanın tələb etdiyi adamdır, – deyə məni ona təhvil verdi və qayıtdı. Tüfəngli qapıdan içəri girməkdə olan bir gəncə müraciətlə: – Xana ərz edərsiniz ki, buyurduğu adamı gətiriblər, – dedi və üzünü mənə tutub: – Deyəsən, burada bir az gözləməli olacaqsınız, çünki bu gün xan kef üstündədir. Bura xanın divanxanasıdır. Xan özü müqəssir olanların işinə baxır. – Müqəssir kimlərdir? – deyə soruşduqda o, cavab verdi: – Xanın itinə haydı, toyuğuna kiş, pişiyinə piş deyənlərdir. Xanın rəiyyətləridir, – bu sözləri tüfəngli adam irəli gəlib qulağıma dedi. Mən heç bir söz demədim. İçəridən gənc xidmətçi çıxaraq: – Ağa buyurunuz. Xan sizi hüzura istəyir. Xalçalarla döşənmiş bir dəhlizə girdik. Orada çıxarılmış ayaqqabıları görürkən, mən də batinkalarımı çıxardım. Böyük bir salona girdik. Pəncərənin qabağındakı döşəyin üstündə oturan xan özü idi. Salonun aşağı başında əlləri döşlərində olaraq bir neçə xidmətçi durmuşdu. Xanın bərabərində salınmış bir döşəyin üstündə də nazik qara əbaya bürünmüş bir zat oturmuşdu. Mən bunun xanın vəziri olduğunu sonradan öyrəndim. Xan ayağımdan başıma qədər məni süzdü və təxir göstərmədən: – Əyləşiniz, – dedi. Xanın bərabərində, pəncərənin o biri tərəfində salınmış bir döşək üstündə oturdum. Xan vəziri və bir də iki nəfər silahlı xidmətçisindən başqa hamının getməsinə icazə verdi. – Səfa gətirmisiniz, müzəyyən buyurmusunuz. Buyurun görək, haradan təşrif gətiribsiniz? – Cənab xan, Xoy şəhərindən gəlirəm, – deyə tez cavab verdim. – Şübhəsiz ki, ora da siz Təbrizdən təşrif aparmışdınız? Xanın bu sualından şübhələndim, onun bizi tanıdığını zənn etdim, gizlətməyərək doğrusunu söylədim. – Bəli, Təbrizdən Xoy şəhərinə, oradan da Ərəblər kəndinə gəlmişəm. – Xeyli xob! – dedi, – sizin daha Təbrizdə nə iş görüb, nə sənət sahibi olduğunuzu soruşmağa lüzum yoxdur. Bir məcburiyyət olmasaydı, siz yolunuzu bu qədər dəyişdirməz və uzaq salmazdınız, hər halda Təbrizlə Culfa arası bir o qədər də uzaq yol deyildir. Öz ayağımızla tələyə düşdüyümüzü hiss edir və təəccüblə xanın üzünə baxırdım. Xan da məni gözdən keçirirdi. Xan nazikbığlı, saralmış sısqa çöhrəli, saqqalı qırxılmış, 30–35 yaşlarında gödək bir adamdır. Xan müvəqqəti sükutu pozaraq dedi: – Mən qafqazlılara düşmən deyiləm. Qorxmayın, kimliyiniz mənə bəllidir. Mənim qayınatam Xoy şəhərinin sabiq hakimi və məşhur inqilab düşməni sayılan Əmir Tumandır, mən özüm şəxsən sizin hərəkətinizdən narazı deyiləm, çünki sizin hərəkətiniz mənim qanlı düşmənlərimin əleyhinədir. Mən bir söz demirdim, ancaq bir kərə: – Cənab xan ixtiyar sahibidir, – dedim. – Qorxmayın, burada sizə qorxu yoxdur. Maku xanının quldurları da bura gələ bilməz, özünüz də, yoldaşlarınız da xatircəm ola bilərsiniz. Lakin bu gecələr özünüzü Araz çayına vurub getməyinizə razı deyiləm, çünki su çox qorxuludur. Xeyli xob, indi buyurunuz şam süfrəsinə. Şam yeməyindən sonra xan qolunun altındakı yumşaq balışa söykənərək oturmuşdu. Bu halda iki manqal gətirildi. Manqalları gətirən iki gözəl uşaq bu dəfə iki padnosda firuzə başlı hoqqa və maşa gətirdilər. Xan: – Nəşələri hazırlayın! – dedi. Uşaqlar əvvəlcə tiryəkləri gümüş və firuzə düzülmüş maşaların ucu ilə qızarmış közə tutub yumşaltdılar, sonra hoqqaların deşiklərinə yapışdırdılar və hoqqanın yanından asılan gümüş iynə ilə tiryəkin üstündən basaraq, hoqqanın içərisinə kiçik bir deşik açdılar. Hoqqanın birisini Şükürpaşa xana, digərini isə onun vəziri Mirzə Cavad xana verdilər. Uşaqlar qızarmış odu maşa ilə götürüb tiryəkin üstünə tutdular. Onlar isə tüstünü sümürüb udmağa və burunlarının deşiyindən dışarı buraxmağa başladılar. Hər ikisinin tiryək dumanları arxasından işaran gözləri, gözəl uşaqların qırmızı oddan qızarmış çöhrəsinə dikilmişdi. Mən bir onlara, bir də uşaqlara baxırdım, onların böyüdülmüş fotolarının xanın odasında vurulduğunu xatırladım və bunların Şərq saraylarına məxsus sevimli uşaqlar olduğunu yəqin etdim. Birisinin adı Qüdrətulla xan, digərinin adı isə Nəsrulla xan idi. Xan tiryəki çəkməmişdən sərxoş idi, uşaqlar bir əlləri ilə hoqqalara od tutur, digər əlləri ilə isə ara-sıra süfrədəki şirnilərdən götürüb onların ağzına qoyurdular. Mənə də tiryək təklif etdilər. Adət etmədiyimi söylədim. Bir azdan sonra qapı açılıb üçüncü uşaq içəri girdi, əlində bir tar vardı. Xan: – Hüseynqulu xan, bir şey başla görək! – deyə əmr etdi. Hüseynqulu xan tarı kökləmədən və bir şey çalmazdan əvvəl xan üzünü yanındakı Qüdrətulla xana tutaraq oxumağa başladı: Aşiqi-ruyi-cəvani-xoşu nov xastəəm. Vəz xuda söhbəti-ura bedua xəstəəm. Aşiqi-rindü nəzərbazəmü miquyəm faş: Ta budani ki beçəndin hünər arəstəəm. Daha sonra xan barmağı ilə avizədəki şamlara xitabla oxudu: Xoş büsuz əz qəməş ey şəm ki imşəm mən həm Be həmin kar kəmər bəstəvü bərxastəəm. Xan farsca oxuduqdan sonra oxuduğunu tərcümə etdi: «Yeni böyüməyə başlayan gözəl cavanın çöhrəsinin aşiqiyəm. Mən onun söhbətinə, Allaha etdiyim dualar nəticəsində nail olmuşam. Rindəm və yalnız bir gözəlin üzünə baxmağa aşiq olduğumu gizlətməyirəm. Bununla da sən mənim nə qədər hünərlərə malik olduğumu bilməlisən. Ey şam, sən də öz qəmindən yandığın zaman, yaxşı yanmalısan, çünki mən də bu gecə yanmaq məqsədilə işə başlamışam». Hüseynqulu xan həm çalır, həm də oxuyurdu. İstər xan, istərsə onun vəziri Mirzə Cavad Hüseynqulu xana əmr verməklə müəyyən qəzəllər oxumasını və müəyyən musiqiləri çalmasını tövsiyə edirdilər. Nəşə son nöqtəsinə varırdı, xanın gözləri nə açıq, nə də qapalı idi, o, yatmaqla ayıqlıq arasındakı aləmlərdə dolaşırdı, gözlərini yenə də yarımçıq açdı, barmağı ilə otağın tavanına işarə edib oxudu: Çərx bərhəm zənəm ər qeyri-müradəm gərdəd Mən nə ənəm ki zəbuni kəşəm əz çərxi-fələk. «Əgər dünyanın çarxı mənim kefimcə hərəkət etməzsə, onu tərsinə çevirərəm. Mən fələyin cövründən qorxan adamlardan deyiləm». Onların həri ikisi danışırdı, lakin sözlərinin nə əvvəli vardı, nə də axırı. Xan gözünü açaraq: – Ağa, bəlkə, yatmaq istəyir? – dedi. Tiryək daha çəkilmirdi, indi yalnız onun nəşəsi ilə əylənirdilər. Gözəl uşaqlar da oturub onların əmrini gözləyirdi. Nəfəsim tiryəkin tüstüsündən darılırdı, dışarı çıxmaq istəyirdim. Tar da çalınmayırdı, çünki ən kiçik bir hərəkət onların nəşəsini pozacaq və tiryək çəkmək üçün sərf edilən zəhmət hədərə gedəcəkdi. Saatlarca oturdum. Mirzə Cavad xandan əvvəl ayıldı, vidalaşıb getdi, süfrə və sair şeylər də manqallar və hoqqalarla bərabər aparıldı. Qüdrətulla xan nəşələr içində üzməkdə olan xanın yanından qalxıb mənim yanıma gəldi və: – Ağa, buyura bilərsiniz, – deyərək qabağıma düşüb məni zəngin çarpayı qoyulmuş gözəl bir otağa gətirdi. Mən burada yatmalı idim. Oğlan: – Bəndəyə nisbət başqa bir əmriniz olsa, buyurunuz, – deyə məni rahatladıqdan sonra çıxıb getdi. Səhər tezdən qalxdıq. Yağış dayanmışdı, göy üzü aydın və safdı. Xanın xidmətçiləri Araz çayının da sakitləşdiyi xəbərini verdilər. Xan yuxudan çox tez durmuşdu. O bu gün divanxanada işlərə baxacağını söylədi. Çayı içdik, xanla bərabər qalxdıq, xanın divanxanası ilə maraqlanırdım, divanxanada iştirak etmək üçün müsaidə istədim. – Buyurunuz, məhkəmə işlərimizlə tanış olmağınız yaxşıdır, – deyə xan icazə verdi. Divanxana həyətinə çıxdıq. Balkonda bir çox kəndli durmuşdu, hamısı birdən xana baş əydi. Xan içəri girib döşəyinin üstündə əyləşdi. Vəziri Mirzə Cavad da dünən oturduğu yerdə oturub yeşikdən bir çox kağız çıxardı. Mən pəncərənin digər tərəfində əyləşdim. – Qafar Dursun oğlu! – deyə Mirzə Cavad səsləndi. Gənc bir kürdü içəri gətirdilər. Mirzə Cavad onun kağız üzərində yazılmış təqsirini oxuyur, xan sakitcəsinə dinləyirdi. «Qafar Dursun oğlu, Dizəcik sakini, Dudarlı kəndindən Cəfər ağanın qızını götürüb qaçmışdır. Atışmada Cəfər ağanın nökərlərindən Osmana güllə atıb öldürmüşdür». – Bu sözlərin hamısı doğrudurmu? – deyə xan Qafardan soruşdu. – Doğrudur, malım xanın canına qurban olsun! – Bunun nəyi vardır? – deyə xan Mirzə Cavada müraciət etdi. Mirzə Cavad yenə də kağıza baxdı. – Beş yüz qoyunu, səkkiz inəyi, dörd atı, on bir baş öküzü və bir qədər də xırda heyvanı vardır. Xan heç düşünmədən dedi: – İyirmi baş qoyun, bir inək güllədən ölmüş Osmanın uşaqlarına verməlidir. Əlli baş qoyun, bir at, iki inək də cəriməsidir. Aparın anbara salın və xanın qərarını adamlarına xəbər verin. Qafar qapıdan çıxdıqda ancaq bu sözləri dedi: – Canımız xanın yolunda qurbandır. İkinci müqəssir xanın rəiyyətlərindən Lelov adlı kürd idi. Mirzə Cavad bunun da təqsirnaməsini oxudu. «Çərşənbə axşamı mal naxırdan qayıtdıqda xanın qaşqa danası naxırdan ayrılıb Lelovun bostanına girmiş, o, qaşqa dananı ağacla vurub öldürmüş, dana bıçağa da gəlməmişdir». Mirzə Cavadın bu sözlərindən sonra xanın pozulmadığını görüb bir danadan ötrü qoca kəndlini cəzalandırmayacağına inandım. Bu halda xan danışdı: – Dananın əvəzinə bir öküzünü gətirin. Həyasızlığının cəzası da yüz çubuqdur. Cəza qərarını verdikdən sonra xan ayağa qalxdı və Mirzə Cavad xanla dışarı çıxdı, mən də onlarla çıxdım. Həyətdə kəndlini üzü üstündə yerə uzatmışdılar. Tumanını sıyırıb qıçalarına salmış və köynəyini də tamamilə də çıxarmışdılar. Bir nəfər onun başı, bir nəfər də ayaqları üstündə oturmuşdu. Çubuqlar işə düşdü. Kəndlinin bədəni bu çubuqlara davam gətirmədi, hələ ilk çubuqlardan sonra zolların yerində qan görünməyə başladı. Kəndli hərəkət edə bilməyir, yalnız yandırıcı bir səslə yalvarır və fəryad edirdi. Mən bu vəhşi mənzərəyə dözə bilmədim, əvvəlcə üzümü kənara tutdum; lakin dayana bilmədiyimi hiss etdikdə, xandan icazə alıb dışarı çıxdım. * * * Rusiya sahilində Araz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı. Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı. Biz Şahtaxtıda ikən Snarskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. Çay içdik, yemək yedik, eyni zamanda da dükanda danışılan söhbətlərlə də maraqlanırdıq. Onlar Səttar xandan, Təbriz inqilabından danışırdılar. Usta Baxşəli adlı birisi: – Bu gün eşitdim ki, Məhəmmədəli şahın ölüsünü dalına sarıyıblar, – dedikdə marağım artdı və ixtiyarsız olaraq: – Haradan eşitdin? – deyə sordum. – Məşədi Əli bəyə Bakıdan qəzet gəlibdir, – dedi. Göndərib qəzeti gətirdilər. «Kaspi» qəzeti idi. Oxudum: «Tehran. 13 iyul. Röyter agentliyinin verdiyi xəbərlərə görə Rusiya səfarətinə girmiş Məhəmmədəli şah özünü çox rahat hiss edir. Bəxtiyarilər bütün hökumət idarələrini əllərinə almışlar». Mən qəzeti oxuduqdan sonra fikrimi dəyişdim. Artıq Rəştə getmək, inqilab dəstələrinə qoşulub Tehran üzərinə yürüməyin vaxtı keçmişdi. Yoldaşlarla məsləhət etdikdən sonra mən Təbrizə qayıtmalı oldum. Yoldaşlarla vidalaşdım, çünki onlar saat üçdə Tiflisə yola düşəcəkdi, mən isə axşam saat yeddi qatarı ilə Naxçıvana, oradan da Culfaya gedəcəkdim. * * * Qatarımız Şahtaxtı stansiyasından şərqə doğru hərəkət etdikdə, günəş Maku dağlarının arxasından aşıb qərbə doğru enməkdə idi. Yumurta kimi ağaran Ararat dağını arxada buraxdıqca əski Naxçıvanın qara heykəli kimi duran İlanlı dağa yaxınlaşırdıq. Teymurləng cahangirliyinin yadigarı olan palçıq qalalar və onların içərisindən başını çıxarıb keçmişinə dalısını çevirən qırıq minarələr də batmaqda olan günəşin sarı pərdələrinə bürünərək qatarımızı qarşılayırdı. Ruzigar əsir və təpələrin qumlarını ölümə məhkum olmuş cahangirlik kitabının son vərəqləri kimi çevirirdi. Qırıq qala divarları, sınıq minarələr, təpənin üzərindən şimal yollarına gözünü dikən və şimaldan mərhəmətlər, medallar gözləyən xan evləri də vaqonun pəncərəsindən baxanlara Naxçıvanın Ehsan xan dövrünə aid dastanını oxuyurdu. Naxçıvanda çox durmadıq, düşənlər düşdü, Culfaya gedənlər isə mindi. Yenə də qatar hərəkət edərək, on dəqiqə keçmədən Araz çayı sahillərinə düşdü. Qatar beli qırılmış ilan kimi burulur, torpağın üstünə döşənmiş rayları qucaqlayaraq keçir və yoxuşlara dırmanarkən dərin nəfəs alırdı. Keçmişin minillik tarixini öz çürük gövdəsində daşıyan Vanqın kilsəsinin yanından keçib bütün varlığı ilə uyumaqda olan şəhərin xarabaları qarşısına yetişirdik. Sağımızda Araz çayının İran sahilində daş yığınlarının içərisindəki katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı. Qatarımız Culfaya gecə saat on birdə yetişdi. Stansiya qələbəlik idi. Gündüzləri isti və toz əlindən bayıra çıxa bilməyən Culfa xalqı gecələri stansiyaya toplaşıb dincəlir və sərinlənirdi. Mehmanxana işçiləri vağzalda müsafirləri qarşılayır və öz təmiz odalarını təklif edirdilər. Mən «Fransa» otelinə getdim. Bura Culfada birinci otel sayılmaqdadır, təmiz və mədənidir. Oteldə böyük qələbəlik nəzərə çarpırdı. Odaların bir çoxu Snarski ordusunun zabitləri tərəfindən işğal edilmişdi. Kiçik bir odada yer verdilər, üst paltarımı dəyişib yemək üçün otelin yay salonu olan balkona çıxdım. Masalar tutulmuşdu, zabitlər, müsafirlər, yerli tacirlər, İran Culfasından keçən hökumət məmurlarının hamısı şam yeməyində idi. Mən öz odamın pəncərəsi qarşısında qoyulan kiçik masanın başında oturdum. Gödəkboylu, sallaqbığlı, üzü qırxılmış dolu bir erməni mənə yanaşaraq: – Nə buyuracaqsınız? – deyə soruşdu. Türkcə danışırdı. Mən yemək sifariş etdim, sonra onun otel sahibi Qriqor ağa olduğunu bildim. Birdən dəhlizdə səs-küy qopdu. Bir nəfər farsla mehmanxana xidmətçisi savaşırdı. Sonradan məlum oldu ki, fars, Ələmdar hakimi İqbal Nizamdır. O, əxlaqsız qadınların sərxoş olaraq haqq-hesabını verməkdən boyun qaçırmış və əlavə olaraq bilməyərəkdən üz dəsmalını şalvarı ilə bərabər əyninə geymişdir. Xidmətçi üz dəsmalını onun şalvarından çıxarıb təhqir etdiyi üçün hakim acıqlanmışdır. Mən oturan masa ilə yanaşı qoyulan masada dörd nəfər oturmuşdu. Etdikləri söhbətdən tacir olduqları görünürdü. Bunların kim olduqları ilə maraqlanırdım. Mən adlarını eşidib uzaqdan tanış olduğum bir neçə adamı da Culfada tapmalı idim, çünki bunları tapmadan və İran pasportu düzəltmədən İrana getmək mümkün olmayacaqdı. Nə yediyimi, nə də içdiyimi bilmirdim. Bu adamlar sanki mənim axtardığım adamlar idi. Masanı taqqıldatdım, yenə də otel sahibi yanaşdı, təzə xiyar istədim, eyni zamanda qonşu masada oturanları soruşdum. – Şeyxov Nəsrulla, Baxşəli ağa Şahtaxtlı, Ağa Məhəmmədhüseyn Hacıyev, bir də Səttar Zeynalabdinovdur, Culfa tacirləridir, – deyə cavab verdi. Mən sevindim, bu təsadüfün qayət əlverişli bir təsadüf olduğuna inandım və nə danışdıqlarını bilmək üçün onları dinlədim. – Biz nə edə bilərdik? Vaxta ki, Təbrizdə pozğunluq üz verirdi, bir halətdə ki, camaat sel kimi axıb rus himayəsinə gedirdi, bir zamanda ki, inqilabçı Təbriz öz mücahidlərini, öz rəhbərlərini, hətta bir ovuc Qafqaz inqilabçılarını müdafiədə aciz idi, onda biz nə kimi yardım verə bilərdik? Bunun Şeyxov olduğuna şübhə yox idi, Nina da vaxtilə bununla görüşüb onun qarabəniz, yoğun bir adam olduğunu mənə söyləmişdi. Arıq, beli bükülmüş, fəqət olduqca sevincli bir simaya malik ikincisi əlindəki şərabı içib yerə qoyduqda: «Ey əcəl, mənim fəryadıma yetiş, bu dirilik məni həlak etmək istəyir» – məzmunlu bir şeir oxudu. Bu da, şübhəsiz ki, qoca inqilabçı Hacıyev idi. Üçüncüsü ucaboylu, qırmızıüzlü, olduqca görkəmli bir zat idi. Bu da Baxşəli ağa Şaxtaxtlı olacaq idi. Bu adam içməyirdi, daima papiros çəkir və dişini sümürürdü, bunun üçün şərab yerinə buzlu ayran hazırlamışdılar. Dördüncüsü arıq, uzun, xırdagözlü bir kişi idi. Bu da Səttar Zeynalabdinov idi. Təbrizin Qafqazdan gözlədiyi yardım, ancaq bunların vasitəsilə mümkün olur və bunlar Culfa inqilabçılarının qabaqda gedənləri idi. Görünür ki, onlar çoxdan oturmuşdu, gedəcəkdilər, sonra onları tapmaq mümkün olmayacaqdı. Kiçik bir məktub yazıb Şeyxova göndərdim. «Cümşüd cənabları ilə görüşmək istərdim». Şeyxov «Cümşüd» kəlməsini oxuduqda təəccüb etdi, çünki bu ad onun inqilabi hərəkatda daşıdığı gizlin ad idi. O, mütəfəkkir və qara gözlərini mənə çevirdi və heç bir söz söyləmədən məktubun cavabını yazdı. «Evimiz klubun dalısındadır. Klubu soruşsanız, nişan verərlər. Sabah saat ikidə gözləyəcəyəm». Mən ancaq bu məktubu aldıqdan sonra rahat yeməyə başladım. Onların da asta və gizlin söhbətləri başladı. Heç şübhə yoxdur ki, mənim barəmdə danışırdılar. Onlar başları ilə vidalaşaraq getdilər. Mənim üçün yeni çıxmış Ələmdar qovunu gətirmişdilər. Hələ qovundan yeməmişdim, saat ikiyə işləyirdi, birdən uzun dəhlizdə çar zabitlərinin hay-küyü başlandı. Bir çox iranlı və yerli tacirlər qaçıb getdi, qadınlar da həyət qapısından çıxıb başqa mehmanxanalara qaçırdılar. Zabitlərdən bir neçəsi xidmətçiləri döyüb, qadın tələb etmişdilər. Qadın gətirilmişdi, lakin zabitlərin hamısına qadın yetişmədiyindən dalaşmağa başlamışdılar. Culfanın hər tərəfindən toplanmış 15 nəfərə qədər əxlaqsız qadın dəhlizin bir başında saxlanmışdı, zabitlər isə qılınclarını çəkib yenə də qadın tələb edirdilər. – «Day babu!» – deyərək xidmətçiləri hədələyirdilər. Qadınlar qorxularından nə edəcəklərini bilmirdilər. Otel sahibi qadınını götürüb qaçmışdı. Zabitlərdən birisi dördüncü otağın qapısına qılıncla vurub: – Burada qadın var, – deyə qışqırırdı. Xidmətçi: – Buradakı qız, Amerika Xeyriyyə Cəmiyyətinin üzvlərindəndir, o Təbrizə gedir, – dedikdə zabit qüvvətli bir təkanla qapını açdı. Otaqdan dəhşətli bir qışqırıq eşidildi, bir azdan sonra gecə paltarında olan gənc bir qızı dəhlizə çəkdilər. Saçları dağınıq qız qorxusundan tir-tir titrəyirdi. O, gah almanca, gah ingiliscə yalvarırdısa da, sözünü eşidən yoxdu. Çar zabitlərinin qafasında iki şey hökm sürürdü: şəhvət və şərab. Zabitin birisi namusu vəhşilər əlində olan amerikalı qıza arası kəsilmədən nitq söyləyir və deyirdi: – Biz çarın yolunda Şərqə gedirik. Kim bilir, bəlkə, salamat qayıtmadıq. Xanım qız, siz mədəni bir qızsınız, bilməlisiniz ki, sizi özümüzə həmişəlik mal etmirik, bir gecə qalıb gedənlərdənik. Siz heç də təlaş etməyin, biz mədəni və ziyalı adamlarıq, çar zabitləriyik. Qıza yardım etmək lazımdı, lakin müdaxiləyə cəsarət etmirdim. Pasportum vardı, canımdan qorxurdum, çünki qılınclar və boş butulkalar kəsməyə və əzməyə baş arayırdı. Onların sırasında ayıq olanları da vardı, lakin onlar da – qadın ver, – deyə qışqıranların səsinə səs verirdi. Mən yüksək rütbəli 40–45 yaşlarında bir zabitə yanaşdım. O məni başdan-ayağa qədər gözdən keçirdi və yanında bir avropalı durduğunu hiss edincə: – Nə istəyirsiniz? – dedi. Mən: – Sizə bir neçə söz demək istərdim, – dedim. – Buyurun, – deyə cavab verdi. – Siz Şərqə gedirsiniz, bura da Şərqin girəcəyidir. Siz İrana böyük Rusiya mədəniyyəti aparmaq və orada sülh səlaməti bərpa etmək üçün gedirsiniz, siz bu iddia ilə də başqa bir hökumətin torpağına daxil olmaqdasınız. Əlbəttə, sizin bu rəftarınız imperator hökumətinin təqib etdiyi sülh siyasətinin əleyhinədir, əcəba, siz bunu nəzərə almırsınızmı? Yüksək rütbəli zabit sözlərimdən ayılan kimi oldu. – Siz iranlımısınız? – deyə soruşdu. – Xeyr, qafqazlıyam, çar təbəəsiyəm, bunun üçün də ordumuzun əsgəri namusunu ləkələyəcək hərəkətləri gördükdə utanıram, – dedikdə o, əllərini çiynimə qoyaraq dedi: – Elədir! Namusunuzu təqdir edirəm, fəqət qız da gəncdir, gözəldir, onlar bunu buraxmaq istəməyəcəkdir. Mən bunların qarşısına keçəcəyəm, siz qızı buradan rədd ediniz, sizdən çox razıyam. Qız mənim zabitlə danışdığımı görərək ağladı və anlamadığım bir dildə danışmağa başladı. Mən onun sözlərini anlamasam da, hər halda mənə yalvardığını və yardım istədiyini hiss edirdim. Qızın qolundan tutub odama çəkdim, kiçik əl çamadanımı alaraq qızla bərabər pəncərədən balkona düşərək dal qapıdan küçəyə çıxdıq. Qapıda duran faytona oturub birbaş «Oriant» otelinə hərəkət etdik. Burada Ələkbər yoldaşa təsadüf etdikdə çox sevindim, o da mənim və yoldaşlarımın Təbrizdən salamat qurtardığımızı və rusların əlinə düşmədiyimizi eşitdikdə şad oldu. Qız gecə paltarında idi, tez bir adam göndərib qızın şeylərini «Fransa» otelindən gətirtdim. Qızı danışdırmağı, onu təskin etməyi bacarmırdım. Qızın müxtəlif Avropa dillərində mənə təşəkkür etdiyini hiss edirdim, lakin nə bir şey anlayır və nə də anlada bilirdim. Nəhayət o: – Zəbani farsira midanid? – deyə farsca danışmağa başladı. Mən təəccüblə ona baxdım və: – Kəm-kəm hərf mizənəm, – deyə cavab verdim. Məni heyrət bürümüşdü. Əcəba, bu gənc qız farscanı harada öyrənmişdi, kim idi və haraya gedəcəkdi? Anladığım bir dildə danışması məni çıxılmaz vəziyyətdən qurtardı. – Farsca haradan öyrəndiniz? – deyə sordum. – Nyu-Yorkda Şərq lisanları fakültəsini bitirmişəm, atam da şərqşünasdır. – İngilismisiniz? – Xeyr, Amerika almanlarındanam. – İrana nə üçün gedirsiniz? – Bizim xeyriyyə və elmi-tədqiqat işlərində çalışan heyətimiz Cənubi İrandan Təbrizə gəlmişdir. Mən də heyətin sədri sifəti ilə Amerikadan gəlib Təbrizə getməliyəm. – Heyətinizin əsas vəzifəsi nə olacaqdır? – Təriqət və adətləri öyrənmək, xəstələrə, zərərdidələrə yardım etmək, insaniyyətə xidmət göstərmək kimi işlər üçün gedirik. – Əqidə və təriqətləri öyrəndikdə siyasi məsələləri də öyrənəcəkmisiniz? – Xeyr, siyasi məsələlərə qarışmaq vəzifəmizə daxil deyildir. Səyahətimiz elmi və xeyriyyə məqsədlərini daşıyır. – Çox gözəl, indi siz özünüzü bir az rahat hiss edirsinizmi? Çox təəssüf edirəm ki, əxlaqsız zabitlər sizi narahat etdi. – Doğrudur, bu gecə onların qorxusundan mən dışarı belə çıxa bilməmişdim. Mən sizin bugecəki xidmətinizin əvəzində, şübhəsiz ki, sizə dəyərli bir xidmətdə buluna bilməyəcəyəm, lakin əmin ola bilərsiniz ki, bunu ölüncəyə qədər unutmayacağam. – Elə mühüm bir xidmətdə bulunmadım. Bu xidməti hər bir vicdanlı kişi yerinə yetirməli idi. Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi, – dedim. Qız bu sözlərimə qarşı bir daha təşəkkür etdi. Əsəblərim qarışdığından yata bilməyəcəkdim. Ələkbər yoldaş yemək sifariş vermiş və kiçik balkonda süfrə açdırmışdı. Qıza da yemək təklif etdik: – Buyurun, siz də bizimlə süfrədə iştirak edin. – Məmnuniyyətlə iştirak edərəm. Doğrusu, qorxumdan odanın qapısını açıb şam yeməyinə çıxa bilməmişdim, – deyə qız süfrəyə oturdu. Yemək yeyərkən məndən soruşdu: – Siz qafqazlımısınız? – Xeyr, iranlıyam, – deyə özümü tanıtmaq istəmədim. – Nə iş görürsünüz? – Xəsarətə uğramış bir tacirəm. Nə etməli, inqilab baş vermiş bir ölkədə zərər çəkməmək mümkün deyildir. – Təbrizəmi gedirsiniz? – Təbrizə gedirəm. – Yenə də qazanarsınız. Mən sizi Amerika ticarət müəssisələri ilə tanış edərəm, bu mümkündür, lakin biz bir süfrə başında oturduğumuza baxmayaraq, tanış olmağı unutmuşuq. Bu sözdən sonra mən əlimi qıza uzatdım, o da nazik əlini mənə uzadaraq sıxdı və dedi: – Miss Hanna. Qızın həyəcanı hələ də sakit olmamışdı, əlini əlimə aldıqda barmaqlarının hələ də xəfif-xəfif titrədiyini hiss etdim. O, həyatını təhlükədən qurtardığım üçün bir daha təşəkkür etdi. Söhbətimiz səhər saat dördə qədər uzandı. Saat dörddə qız öz odasına, Ələkbər yoldaşla mən də öz odamıza çəkildik. Səhər saat doqquzda yenə də çığırtı eşitdik, səs yenə də zabit səsi idi, yata bilmədik, bütün-müsafirlərlə bərabər biz də geyinib dəhlizə çıxdıq. Zabitin biri gecə paltarında idi, başqa zabitlər də onun ətrafına toplanıb nə hadisə üz verdiyi barəsində soruşurdular. Gecə paltarında olan zabit haraya gəlmiş otel sahibinin yaxasından tutub: – Qadın məni soymuşdur, onu bir saatda mənə verməlisən! – deyə onu silkələyir və söyürdü. Otel sahibi, gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, zabit dar dəhlizin divarına dəyib doğruldu. Zabitlər isə hər tərəfdən: – Ey, əllərini yerində saxla! – deyərək gürcünü hədələdilər. Dmitri həmin zabitə yanaşaraq dedi: – Mən sənə dedim ki, mehmanxanaya dışarıdan naməlum qadınları gətirmək yaramaz. Onlar sizin kimi axmaqları soymaq üçün Culfaya toplanmışlar. Amma sən, «mən özüm məsulam» deyə qulaq asmadın. İndi isə qadını məndən istəyirsən, mən səhərə qədər onu güdəcəkmi idim? Zabit onu vurdu, Dmitri orada toplanmış gürcü xidmətçilərə və dəmiryol işçilərinə işarə elədi. Gürcülər orada olan dörd çar zabitini yalvarıncaya qədər döydülər. Zabitləri onların əlindən aldıqdan sonra oğurlanan şeyləri axtarmaq qərara alındı. Otaqların çoxunda qadın olduğu üçün odaları axtarmaq lazım gəldi. Növbə yenə də amerikalı qızın odasına yetişdi, qız qorxusundan qapını açmayırdı. Mən onu səsləyərək: – Miss, qorxmayın. Qapını açın, mən burdayam, – dedikdən sonra qız qapını açdı. Zabit ona baxdıqda o, yenə titrəyir və axşamkı hadisəni xatırlayırdı. Sərxoşluqdan ayılmamış, sifəti boş tuluq şəkli almış, gözləri şişmiş zabit, başı titrəyə-titrəyə qıza baxaraq: – Net, ne ona, – deyə geri qayıtdı. Mən isə qıza müraciətlə: – Qorxulu bir şey yoxdur, rahat olunuz, – dedim. – Daha yatmaq istəməyirəm, tez bircə İrana gedə bilsəydim, bu qorxudan xilas olardım, – deyə qız narahatlığını bildirdi. – Heç bir qorxu yoxdur. Əmin olunuz, biz var ikən sizə heç bir hadisə üz verə bilməz. Bu kimi hadisələrə gəldikdə İran sahilində daha artıqdır. Çar zabitləri İranda da azad hərəkət edirlər. Yıxandıq, geyindik. Qız isə odasında zərif və ağ ipəkdən qayət nəfis və incə bir paltar geydikdən sonra çay masasının başında oturdu. Otel sahibi bizə yanaşaraq, dedi: – Sizin rahatsız olmağınıza razı olmazdım, lakin nə etməli. Bir neçə gündən bəri bütün Culfa bu vəziyyətdədir. Bizim otel hər yerdən salamatdır. Bizdən qorxurlar. Məhz onları döymək və qorxutmaq üçün dəmiryolunda işləyən qüvvətli gürcüləri burada yedirib saxlayıram. Başqa otellərdə belə deyildir. İngilis otelinin qabyuyan qadınını, otel sahibinin qadınını zorlamışlar. «Mıqri» oteli müdirinin baş-gözünü dağıtmışlar. «Fransa» otelinin sahibi Qriqor ağa Franqulov da axşamdan öz arvadını götürüb bura qaçmışdır. Bunların öhdəsindən ancaq elə qadınlar gələ bilər. Üç min manat pulla bir qızıl saatını çalıb getmişdir. Belə adamlar rus və İran Culfasında yüzlərcədir. Axşamdan ona xəbər vermişdim, mənə qulaq asmadı. Yanında olan qiymətli şeylərini də kassaya qoymaq üçün istədikdə, «heç bir şeyim yoxdur» deyə acıqlı cavab vermişdi, indi isə cavabını aldı. Çay və səhər yeməyimiz bitdi. Mən saat ikidə Şeyxovla görüşmək üçün gedəcəkdim. Bunu Ələkbər yoldaşa da bildirdim, bir yerdə getməli olduq. Qızı otel müdiri Dmitriyə tapşırdım. Qız özü belə bir təklifdə bulunmuşdu. Saat üçdə yenə burada görüşəcəyimizi qərara aldıq. O, odasına qapandı, mən də Ələkbər yoldaşla oteldən çıxdım. * * * Şeyxovun evinə girərkən axşam oteldə təsadüf etdiyim dörd nəfəri orada gördüm. Görüşüb tanış olduq. Nahardan sonra söhbətə başladıq, onlar mənim Təbrizə qayıtmağımı, qorxulu bir iş olsa da, məsləhət gördülər, çünki Təbrizdə ruh düşkünlüyü gündən-günə artdı. Şeyxov Hacı Əli davafürüşdan aldığı məktubu oxumağa başladı: «Ruslar öz işlərinə başladılar. Bu gün qafqazlılardan «Molla Nəsrəddin» məcmuəsi redaktorunun qardaşı Mirzə Ələkbər Məmmədquluzadəni, bir də Hacı Mirzə Ələsgər Qarabağlını həbs etdilər. Ruh düşkünlüyü başlayır, heç olmazsa, mütərəddidləri qorxuzmaq, çar himayəsini qəbul edənlərin qarşısını almaq üçün gizli bir cəmiyyət düzəldilməlidir». Hacı Əlinin uzun məktubu başdan-başa bu kimi sözlərdən ibarət idi. Buna görə də mənim Təbrizə getməyimi və orada gizli cəmiyyətin fəaliyyətini canlandırmağı lazım gördülər. Mənim pasport məsələm də müzakirə edildi. Rus pasportu ilə İranda yaşamağın mümkün olmadığını təsdiq etdikdən sonra Şeyxov pasport məsələsini özü həll edəcəyini söylədi və: – Sabah siz hazırlanmış İran pasportunu məndən alacaqsınız, – deyə söz verdi. Ələkbər yoldaş da mənimlə bərabər Təbrizə getməli oldu. Culfada bir çoxları ilə tanış olmaq üçün Şeyxovla bərabər çıxdıq. Tanış olduğum adamların hamısı tacir və ziyalılardı: Nağı İsmayılov, Ələsgər Həsənzadə, Əsgər Nağızadə, Mirzə İbrahim Əkbərov, Seyid Məhəmməd Barar, Mirzə Əli Məhəmmədzadə (keçəl), Ağarza Mahmudov, Hacı Abbas Hacı Fərzəli oğlu, Molla Həsən Məhəmmədov (İran inqilabçılarından), Məhəmməd Axundov, Ağahüseyn Rəhimov, Abbas Tağıyev, Abbas Fəratov və sairələri idi. Şeyxov məni bunlarla tanış etdikdə: – Rəhmətlik qardaşım Fərəcullanın məktəb yoldaşıdır, – deyə təqdim edirdi. Bir neçə erməni ilə, o cümlədən neft taciri Aleksan ağa Şamxalov, daşnaklardan culfalı Arsen Artarov və sairələri ilə də tanış oldum. Ermənilər çox mehribanlıq göstərir və bəziləri öz xidmətlərini təklif edirdi. Biz küçəyə çıxdıqda Snarski ordusunun araba karvanları Araz körpüsünə doğru irəliləyirdi, bunları gördükdə Şeyxov dedi: – Hələ İrana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişlər. Ticarət malları hərbi arabalara qoşulub İrana aparılır, kimsənin də dinməyə haqqı yoxdur. Ələkbər yoldaş da cavab verdi: – Məktubların üzərində də «Təbriz İran quberniyası» yazılır. Çox dolaşdıq. Miss Hannaya vəd verdiyim vaxtdan bir az keçmişdi. «Oriant» otelinə qayıtdıq. Dmitri bizi qarşılayıb: – Qız qorxusundan qapıları qapayıb indiyə qədər dışarıya belə çıxmamışdır, – dedi. – Haqqı da var. Çar zabiti ilə zarafat olmaz, – deyə cavab verdim. Qapını taqqıldatdım. O, içəridən ingiliscə cavab verdi. Mən onu farsca səslədim. Qapını tələsik açdı. O, çoxdan arzuladığı bir şeyi əldə etmiş kimi sevindi. O, zəngin paltarlar geymiş, saçlarını səliqə ilə daramış, qiymətli ətirlər səpmiş, gecənin qorxusundan silkinmiş və sanki bütün gözəlliyi ilə bir ziyafətə getməyə hazırlanmışdı. Onu Şeyxovla tanış etdim. Şeyxov mənimlə əylənərək: – Bu qız sizə Ninanı unutduracaq, – deyə güldü. Qız nahar etməmişdi, buna görə də biz Şeyxovun evində nahar yediyimizi gizləyərək, nahar sifariş verdik. Günəş qərbə doğru əyildiyindən həyətə baxan balkon çox sərin idi. Nahar masasını burada düzəltdilər. Heç gözlənilmədən Əmir Həşmət, İran inqilabçılarından Əndəlib Qəmküsar təxəllüslü şair Mirzə Əliqulu və sairələri gəldi. Nahar süfrəsi böyüdü. Amerikalı qızı heyrət götürmüşdü. Şübhəsiz ki, bu ağır məsarifdən öz hissəsinə düşəcək para haqqında düşünürdü. Bir azdan sonra qulağıma yavaşcadan dedi: – Ma hər do, müsafirim, israfra imkan nə bayəd dad. Mən isə ona belə cavab verdim: – Ni israf, dərəcəyi hörmət mara, dər nəzdi rəfiqan bamərhəmət ma nişan midəhəd. Miss Hanna heç bir söz demədi, yeməyə başladı, verilən sualların cavabını bir fars qızından daha aydın bir dil ilə deyirdi. Süfrə başında farsca bilməyən yoxdu, şeirlər, lətifələr və məzhəkələr də farsca söylənirdi. Şərab çox az içilirdi. Miss Hanna bir çay stəkanının yarısına qədər şərab töküb, yarısını da su ilə doldurmuşdu. Hər tostdan sonra haman şərabı az-az içirdi. Buna baxmayaraq, onun rəngi qızarmaqda idi. Mirzə Əliqulu Qəmküsar söz istədi və: – Mən təbrizli Saibin bir şeirini oxuyacağam. Miss Hannadan icazə istəyirəm, – dedi. Qız isə: – Rica edirəm, rica edirəm, – deyə cavab verdi. Mirzə Əliqulu Saibin şeirini oxudu, doğrudan da, sanki şeir bu süfrə üçün yazılmışdı. Zi hüsni nimrəngi-yar, bərmən roşənəst imşəb, Əgər Məcnun şəvəm, mənəm məkon həq bamənəst imşəb. Qədəh ləbriz, mey gülgün, qəzəlxan yarii həmzanu, İyalə dəmbədəm dər gərdişü gərdidənəet imşəb. Miss Hanna şeirdən çox məmnun qaldı və oxuyanın böyük sənətkarlıqla oxuduğunu qeyd etdi. Əndəlib də şeir oxumaq üçün söz istədi. Biz ona da söz verdik. Zatən çar casuslarını şübhəyə salmamaq üçün süfrəni bu şəkildə aparmaq lazım gəlirdi. Əndəlib Vəzir adlı şairdən Saibə bir nəzirə oxudu: Şikəstəm zöhdü təqvara bəyadi-ləli-meygunət To həm tərfi guləh beşkən ki, beşkən-beşkən əst imşəb. Mirzə Əliqulu buna Əda adlı şairin sözləri ilə cavab verdi. Yenə də Əndəlib Məyus adlı şairdən bir nəzirə oxudu. Nəzirələr çox uzun çəkdi. Əndəlib ilə Qəmküsar, Əmir Ömər xan, Dəbir, Atif, Nüsrət, Əclət, Rind, Gülxani, Bəhcət Fəzli kimi bir çox şairlərin təbrizli Saibə yazdıqları nəzirələri oxudular. Nəhayət, Qəmküsar miss Hannaya ithaf etdiyi azərbacanca qəzəlini oxudu. Qəmküsar həmin qəzəlini oradaca, süfrə başında yazmışdı, ondan ancaq iki misrası xatırımda qalmışdır: Süzgün baxışlarında bir əhəngi-dilnəvaz, Zülfün səhab qəmzədir, ey asimani-naz. Bunu da miss Hannaya tərcümə etdik, o gülümsədi və düşünərək: – Doğrudur, almanlarda da belə təşbehlər vardır, lakin Şərqdəki bu təşbehlər olduqca incədir. Lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk deyildirmi? – Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim. Qız yenə də: – Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir? – deyə sordu. Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da: – Xanım məsələni dərindən başlamışdır, – deyə güldü. Mən isə qızın sualını cavabsız buraxmaq istəmədim. – Yaxın Şərqdə iki dövlət vardır: Türkiyə və İran. Bu hökumətlərin başında duranlar türklərdir, lakin hər ikisi milli tərəqqinin və mədəniyyətin düşmənidir. Birincisi yunanları, ərəbləri, boşnaqları, kürdləri, erməniləri, serbləri, bolqarları və başqalarını türkləşdirmək və türk adət və ənənəsinə tabe etmək istədiyi kimi, ikincisi də türk olduğuna baxmayaraq, türkləri farslaşdırmaq siyasətini daşıyır. İran şahı türkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti əleyhinə olmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir. Bu padşahların ailə lisanları da farscadır, hətta Xaqan təxəllüsü ilə şeir yazan Fətəli şah, Nəsrəddin şah da öz şeirlərini farsca yazmışlar. Hazırda rus səfarətində oturan Məhəmmədəli şahın əsərləri də farscadır. Qız: – Bunun səbəbi nədir, deyə bilməzmisiniz? – deyə soruşduqda mən: – Bunu bir çoxları belə izah edir: guya fars dili ədəbiyyat və şeir dili olduğu üçün yazıçıların özü farsca yazmaq istəmişdir, lakin bu qətiyyən doğru deyildir. Fars dili şeir və ədəbiyyat dili olsa da, yenə də farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatı öz ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türk məktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türk ədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib və şairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılan əsərlərin təb edilməməsi İrandakı türklərin farsca yazmasına səbəb olmuşdur. Buna görə İranda daim farslaşdırma, hətta fars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı. Bunun nəticəsində də türk ədibləri, türk şairləri öz milli dil, milli ədəbiyyat və milli mədəniyyətinin düşməni kəsildi, hətta türk olan padşahın gözü qarşısında fars mütəəssübləri «türk xərə», yəni «türksən, eşşəksən» məsəlini yaratdılar. Türk yazıçılarından «Ataşgədə» əsərini yazan Azər təxəllüslü zatın özü də türk olduğuna baxmayaraq, şairlərin tərcümeyi-halını topladıqda şairlərin ancaq farsca şeirlərini toplamışdır. Farsca şeiri olmayan şairlərin birisinin də adını çəkməmişdir. Xanım qız! Farslaşdırma siyasətinin başlıca səbəbləri bundan ibarətdir. Qacər xanədanı yüz əlli ilə qədər İranı idarə etdisə də, bu müddətdə ancaq bir neçə türkcə əsər çap elədi. Onlar da «Hüseyn Kürd» hekayəsi, «Sələbiyyə» adlı tülkü nağılı və sairlərindən ibarətdir. Mərsiyə kitablarına gəldikdə, burada məsələ dəyişir. Çünki camaatın dini mövhumatla məşğul olması hökumətin işinə yarayırdı. Qonşu olan Anadolu xalqı başlanmış düşmənçilikdə böyük rol oynadı. Nəhayət, Müzəffərəddin şah vəliəhd olduğu zaman «Hüseyn Kürd» və «Sələbiyyə» kitabının da oxunmasını qadağan etdi. Bunların hamısının əvəzində, Qacar xanədanı «Vahid vətən», «İrançılıq», «İran dostluğu» şüarları irəli sürdü. «Millət – Azərbaycan İranist» və ya «Əhalii-İran dust Azərbaycan» kimi sözlər hər bir azərbaycanlının qəlbində nəqş bağladı. Əlbəttə, belə bir siyasət nəticəsində ancaq farsca ədəbiyyat doğa bilərdi. Mənim sözlərim miss Hannanı xeyli düşündürdü. Mən qızdan: – Cavabım sizi qane etdimi? – deyə soruşdum. Qız: – Bəli, qane etdi, – dedi. Süfrəmiz gecə saat on ikiyə qədər davam etdi. Qonaqlar getdikdən sonra mən, Ələkbər yoldaş və miss Hanna oturub İran sahilinə nə vaxt keçəcəyimiz və Təbrizə nə cür gedəcəyimiz üzərində düşünürdük. Amerikalı qız mənimlə olduqca səmimi davranırdı, sanki o, mənim ruhumu oxşamaq üçün vasitələr arayırdı. Bugecəki böyük ziyafətin mənə aid olması onda olduqca müsbət bir təsir buraxmışdı. O mənim, onu həqarət və hücumdan müdafiə edən adamın adi bir iranlı deyil, mədəni və tərəqqipərvər bir iranlı olduğuma inanmışdı. * * * Mis Hannanın pasportunu Culfa jandarm polkovniki Ştraube vizə etmişdi. O bu gün İran sahilinə keçə bilərdi, mən onun odasına girərkən o: – Pasportum gəlmişdir. İndi biz İran sahilinə keçə bilərik, – deyə sevindi. Mən isə: – Təəssüf olsun ki, mən yarın gedə bilməyəcəyəm, – dedim. – Nə üçün? – Pasportumun vaxtı keçmişdir. Yeni pasport isə hələlik düzəlməmişdir. – Çoxmu gözləmək lazım gəlir? – Bir-iki gün. Mənim arkadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, – dedim. Qız tərəddüd göstərmədən dedi: – Sizə zəhmət olmazsa, məmnuniyyətlə qalaram, çünki bu səfərimdə sizdən ayrılmaq istəmirəm. Qız əlimi səmimiyyətlə sıxdı və pasportum hazır oluncaya qədər gözləyəcəyini bildirdi. Bu gün mən Səttar Zeynalabdinovun evinə nahar etməyə dəvət olunmuşdum: Səttar Zeynalabdinovun İran inqilabındakı rolu böyük idi. Maddi yardım cəhətdən heç vaxt geridə qalmazdı. Onun düzəltdiyi bu ziyafətə qızı da aparmaq və onun gənc qadını ilə tanış etmək, Culfada qaldığı günlərini onunla keçirməsini istəyirdim, lakin mən qızın o ziyafətə getməkdən boyun qaçıracağından qorxurdum. Hər halda ona təklif etməli idim, çünki onu oteldə yalnız buraxıb getmək uyğunsuz olardı. Ehtiyatla yanaşaraq: – Xanım qız! Sizə bir söz demək istərdim. Bilmirəm, sözümü qəbul edəcəkmisiniz? – dedim. – Sizin hər bir təklifinizi bir dost məsləhəti kimi qəbul etməyə hazıram, – deyə qız cavab verdi. – Məni yaxın dostlarımdan birisi nahara dəvət etmişdir. Mən sizin də o ziyafətdə iştirak edib, onun yeni evləndiyi iranlı xanımı ilə tanış olmanızı arzu edirəm. Qız heç düşünmədən dedi: – Belə təkliflərdə siz «Hanna qalx, filan yerə gedəcəyiz» deyə bilərsiniz. Bu sözümü yalnız bu gün üçün deyil, tanışlığımızın davam etdiyi bütün müddət üçün deyirəm. Çünki mən artıq sizinlə tanış olmaqla şərəfdən, qorxusuzluqdan başqa bir şey görmədim. İndimi getmək istəyirsiniz? – Bəli, indi getməliyik. – Elə isə on beş dəqiqəlik vaxt verin, – deyə ayağa qalxdı. Mən balkona çıxdım. Şübhəsiz ki, o, tualetini düzəltmək, paltarını dəyişdirmək istəyirdi. Səttar Zeynalabdinov özü dalımızca gəlmişdi. Biz dəhlizdə oturub miss Hannanı gözləyirdik, bir azdan sonra o, incə ipək yay paltarında çıxdı, onun saçlarından və gözlərindən başqa hər şey ağdı. Qız Səttarla tanış olduqdan sonra qolumdan tutdu: – İndi gedə bilərik, – dedi. Səttarın evi uzaq deyil. «Oriant»ın dalında idi. Biz onun balkonuna çıxdıqda süfrə başında Şeyxov, Əliqulu Qəmküsar, Ələkbər yoldaş, Ağa Məhəmməd Hüseyn, Baxşəli ağa, Nağı İsmayılovu gördük. Qız birinci növbədə Səttara müraciətlə: – Bəs xanımınız haradadır? – deyə soruşdu. Səttar utandı, qıza cavab verə bilmədi. Mən: – Xanım içəridədir, qonaqlarını məmnun etmək üçün ziyafət hazırlığına özü nəzarət edir, – deyərək qadının örtülü olduğunu və kişilərlə bir süfrədə otura bilmədiyini gizlətmək istədim. – Mən onunla tanış olmalıyam, – deyə qız israr etdi. Səttar bundan məmnun qaldığını söylədi və: – Buyurun, xanımla tanış olunuz, – deyə miss Hannanı xanımın odasına müşayiət etdi. Yemək süfrəyə verilmişdi, biz miss Hannanı gözləyirdik. Bir azdan o çıxdı və: – Siz məni gözləməyin, mən naharı xanımla birlikdə etmək istəyirəm, – deyə yenə də otağa qayıtdı. Miss Hanna getdikdən sonra mənim pasport məsələmi müzakirə etdik. Şeyxovun nə vasitə ilə pasport alacağından xəbərim yoxdu. Bu məsələ məni çox narahat edirdi. Şeyxov məsələni aydınlaşdıraraq dedi: – Burada dükan saxlayan Cəbrayıl bəyin qardaşı Əbülhəsən bəy bizim ən yaxın tanışlarımızdandır. Pasportu o öz adına alıb bizə verməyə söz vermişdir. Culfadakı İran konsulu çar casusu olduğundan və jandarm polkovniki Ştraube və pristav Yaşşoltla sıx əlaqədə bulunduğundan yoldaşın öz adına pasport almaq qorxulu idi. Şeyxov bu sözlərdən sonra pasportu cibindən çıxarıb masanın üzərinə qoydu. Mən öz kiçik fotoşəklimi pasportun üzərinə yapışdırmalı idim, çünki onsuz pasportun etibarı yoxdu. Fotonun üzərinə də konsulun möhürü vurulmalı idi. Şeyxov Səttarın qulluqçusunu çağırıb: – Get konsulun katibi Həsəni tap, söylə ki, Şeyxov səni çağırır, – deyə tapşırdı. Biz hələ naharı bitirmədən Həsən gəldi, Şeyxov pasportu ona verib dedi: – Konsulun möhürünü bu pasportdakı fotonun üzərinə vurub gətirərsən. Gənc Həsən gülərək getdi və çox çəkmədi ki, hazırlanmış pasportu gətirdi. Bu gənc konsul katibinin Əbülhəsən bəyin qardaşı oğlu olduğunu sonra öyrəndim. İndi Əbülhəsən bəy idim, özüm də Şəbüstər mahalından, 26 yaşım vardı, pasportumu da vaxtı bitmiş pasportumun əvəzində almışam. Nahar yeməyi bitdi, bir azdan sonra miss Hanna gülə-gülə otaqdan çıxıb yanımıza gəldi, onun boynunda bir maddə qiymətli inci gördüm. Şübhəsiz ki, onu amerikalı qıza Səttar yoldaşın xanımı bağışlamışdı. Qız Səttar yoldaşa razılıq etdi və bu görüşdən xeyli məmnun qaldığını izah etdi. Axşam saat beşdə Səttar yoldaşın evindən çıxdıq, qız onun xanımı ilə ikinci dəfə vidalaşdı. «Oriant» otelinə qayıtdıq. Bir az istirahət etmək lazımdı, çünki axşam yeməyinə Hacıyev Məmmədhüseynin evinə dəvət olunmuşduq. – Siz bir az istirahət edin, – deyə Hannanı odasına ötürmək istədim. – Pasport məsələniz necə oldu? – deyə maraqla soruşdu. Mən pasportu cibimdən çıxararaq ona göstərdim. Hanna şadlığından hoppanmağa başladı. – Yarın gedəcəyikmi? – deyə əllərimdən tutub sıxdı və tuflisinin dabanları üzərində fırlanaraq məni də fırlatdı. – Bəli, gedəcəyik, hazırlaş, – deyə onu tək buraxaraq çıxdım. * * * «Səyahətnameyi-İbrahim bəy» Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük. – Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum. – Çox az. Sevindiyimdən yata bilmədim, sizinlə birlikdə edəcəyimiz səfərin ilk gününü gözləmək olduqca həyəcanlıdır, – deyə utandığından başını aşağı saldı, gözlərimə baxa bilmədi. Mən onu bir daha bu məzmun üzərində danışdırmaq istəməyərək dedim: – Səfərimizə bu qədər qiymət verdiyinizi bilmirdim. Hər halda, sizin Təbrizə qədər olan səfərinizdə rahatlığınızın təmini üçün çalışacağam. Lakin onu da demək istərdim ki, məndə bir fövqəladəlik yoxdur. Sizə qarşı olan hörmətim ancaq kişilik vəzifəsi daxilində olan xidmətlərdir, sizin tək olmanız, xüsusən uzaq bir ölkədən inqilab etmiş bir ölkəyə düşməyiniz də hər bir adamın sizə hörmət bəsləməsini tələb edir. Qız mənim qolumdan tutub gedir və danışırdı. O, yenə də söhbəti mənim ona etdiyim hörmətlərin üzərinə gətirib dedi: – Mən sizin fövqəladə və hörmətli bir müsafir olduğunuza inanıram. Lakin ona müəyyən bir şəkil verməkdə acizəm. Hörmətiniz hər kəsin yanında yüksəkdir. Lakin bu hörmət bir tacirə olan hörmətin fövqündədir. Doğrusu, sizin şəxsiyyətiniz məndə o qədər yüksək bir təsir buraxmışdır ki, onu idarə etmək, onu müəyyən bir qəlibə salmaq imkanını əldə edə bilmirəm. Kim bilir, bəlkə, mənim qadınlığımın da bu təsirin yüksəlməsi işində bir rolu var. Miss Hanna sözünü bununla bitirdi. Mən onun utandığını, hətta titrədiyini hiss edirdim. Qolu qolumda idi, qızın bütün həyəcanlarını hiss edirdim. O, Hacıyevin qapısından içəri girincəyə qədər nə danışdı, nə də üzümə baxdı. Biz içəri girdikdə orada tanış yoldaşlardan başqa bəzi tanış olmayan qonaqların da olduğunu gördük. Bunların İrandan gəlib Məkkəyə gedən hacılar olduğunu sonradan öyrəndik. Məhəmmədhüseyn Hacıyev yoldaş bizi onlarla tanış etdi. Miss Hanna İsgəndər xanın və Məhəmməd Müctəhidzadənin əlini sıxıb tanış oldu. Növbə Nəsrulla Salam Müctəhidə gəldikdə qız tərəddüd göstərməyə başladı, utandı və ya cəsarət etmədi. – İrəli gəlin, xanım qız, – deyə Nəsrulla Salam ona müraciət etdi. – İrəli təşrif gətirin. Mən avam və köhnəpərəst mollalardan deyiləm. – Nəsrulla Salam qıza əlini uzatdı, qız onun əlini sıxıb Ələkbər yoldaşla mənim aramda oturdu. Nəsrulla Salam Məhəmmədhüseyn yoldaşa müraciətlə: – Yəqin ki, ağanın xanımıdır, – deyə miss Hannaya və mənə işarə etdi. Məhəmmədhüseyn yoldaş isə: – Xeyr, müsafirdir. Yolda tanış olmuşlar, hər ikisi Təbrizə gedəcəklər, – dedikdə Nəsrulla Salam yenə də: – Xeyli xob. Munis və məhcub xanımdır. Çox da baədəbdir, – dedi. Nəsrulla Salam bu sözü deyərək qəlyanını çəkməyə başladı. Heç kəs danışmırdı, ancaq mən qızın qulağına: – Bunun «avam və köhnəpərəst deyiləm» deməsinə inanmayın, o, yenə də molladır, ruhanidir, köhnəpərəstdir, – deyə pıçıldadıqda qız gülümsəyərək: – Dər an məsələ şübhə nədarəm. – deyə cavab verdi. Nəsrulla Salam onun gözəl farsca danışdığını gördükdə, qəlyanın qəmişini ağzından çıxarıb təəccüblə baxdı və dedi: – Bərəkallah xanım qız, maşallah xanım qız! Söhbət başladı. Söhbətlərin hamısı farsca gedirdi. Mən miss Hannanın molla ilə danışmaq üçün məqam axtardığını hiss edirdim. Bu imkanı ona yenə də Nəsrulla Salamın özü verdi. – Bən əvvəlcə elə bildim ki, siz bu cənabın hərəmisiniz. Lakin sonradan müsafir olduğunuzu cənab sərkər Ağa Məhəmmədhüseyn buyurdular, – dedikdə məclisdə oturanların hamısı Nəsrulla Salamın bu sözlərinə qarşı qızın nə cavab verəcəyindən maraqlandılar. Qız gülümsəyərək mollanın üzünə baxdı: – Siz nə üçün mənim bu cənabın həramı olduğumu zənn edirdiniz? – dedi. Nəsrulla Salam udqundu, necə cavab verəcəyini bilməyərək dedi: – Çünki sizin hər ikiniz cavansınız. Bir-birinizə layiqsiniz. Xüsusən siz gözəl, ədəbli xanımsınız. – Əcəba, siz mənim ədəbli və gözəl olduğumu haradan təyin edirsiniz? – deyə qız öz sualından məmnun vəziyyət aldı. Nəsrulla Salam qəlyanına bir qüllab vurub dedi: – Siz açıqsınız, ədəbiniz və gözəlliyiniz də göz qabağındadır. Nəsrulla Salam sözünü bitirərkən miss Hanna Nəsrulla Salama hücum etmək üçün hazırladığı sözləri bir-bir yağdırmağa başladı: – Madam ki, qadın açıq olduqda onun gözəlliyini və ədəbini daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların açıq gəzməsinə icazə vermir? Nəsrulla Salam gözlərini qırpırdı, çətinliyə düşmüşdü, məclisdə çıxılmaz bir sükut hökm sürürdü. Mən molladan icazə istədim: – Hərgah cənab müctəhid icazə versəydi, mən xanımın cavabını verərdim, – dedim. Müctəhidin dili açıldı: – Buyurun, oğlum, – dedi, – bərəkallah, oğlum. Buyurun. – Mən cənab Nəsrulla Salamın qadın açıqlığı barəsindəki fikrini bilmirəm, – dedim, – ancaq bunu deyə bilərəm ki, İranda qadın açıqlığı məsələsini qoymaqla bərabər, kişilərin də açıq qadınlara layiq bir kişi halına gətirilməsinə çalışılmalıdır. Mənim bu sözümdən sonra sanki Nəsrulla Salamın dili açıldı və: – Əhsən, afərin, oğlum! Fərmayişiniz doğru fərmayişdir. Kişilərimiz qadınlarımızdan da cahildir, – dedi. Şam süfrəsi İran evlərinə məxsus bir süfrə idi. Nəsrulla Salam və arkadaşları süfrəyə baxıb gülürdülər. Ağa Məhəmmədhüseyn Hacıyev bu gülüşün mənasını çox tez anlayaraq dedi: – Ağaların Məkkə ziyarətinə getdiyinə ehtiram edilərək süfrəyə şərab verilməmişdir. Nəsrulla Salam sözə başlayaraq dedi: – Bən də əvvəlcə ərz etdim ki, köhnəpərəst və avam mollalardan deyiləm. O ki, cənab Məhəmməd xan Müctəhidzadədir, o cənabın özü də şərab saxlayanlardandır. Zənnimcə, cənab İsgəndər xan da təqliddən boyun qaçırmazlar. O ki, Məkkəyə getməkdir, Məkkə sahibi o qədər böyük və mərhəmətli bir kişidir ki, bu cür xırda işlərlə məşğul olmaz və xırda günahları da hesabımıza yazmaz. Məclisdəkilərin hamısı güldü. Ağa Məhəmmədhüseynin işarəsi ilə süfrəyə hər cür şərab verildi. Nəsrulla Salam yalnız konyak içirdi. Əmmaməsini götürüb yerə qoymuşdu. Başında ağ və nazik bir araqçın qalmışdı. – Süfrə başında baş geyimini çıxarmaq lazımdır, mən avropalıların bu işlərini sevirəm. Bu hər bir ziyalı adamın vəzifəsidir. Mən onun bu sözlərinə tamamilə başqa məna verirdim. Molla şərab məclisində əmmamə ilə oturmağı, əmmaməyə qarşı bir təhqir hesab edir və bunu da bizə hiss etdirməmək üçün başqa bir dona salmağa çalışırdı. Mollanın yoldaşları da başlarını açdılar. Başlarının ortası alnlarından boyunlarına qədər iranlıların çətmə birçək dedikləri üsulda qırxılmışdı. Şam bitincəyə qədər Nəsrulla Salam amerikalı qızı məşğul etməyə çalışır və cürbəcür məsələlərə əl atırdı. O, gözəl və gənc qızla bir şəhvətpərəst şərqli kimi deyil, mədəni, ziyalı, ağıllı bir şərqli kimi danışırdı. İsgəndər xanla Məhəmməd xan Müctəhidzadəyə gəldikdə qızı nəzərdən keçirir, hətta onun saçının tellərini sayacaq qədər diqqət yetirirdilər. Nəsrulla Salam qəlyan istəmişdi, mən Müctəhidzadə Məhəmməd xanla salonda gəzişir və söhbət edirdik. Mən Nəsrulla Salama işarətlə dedim: – Doğrudan da, fikri açıq molladır, qızla ən mədəni və ziyalı bir adam kimi danışır. Müctəhidzadə Məhəmməd xan gülərək dedi: – Rəfiqi-möhtərəm! Bizim naxoşluğumuz ölüm naxoşluğudur, bizim başımız xəstədir, bəibarət uxra pişvalarımız naxoşdur. Ağam, o naxoşluq ki, mən sizə ərz edirəm, onların kaffəsi haman xörək süfrəsinin üstünə qoyulan əmmamələrdən doğur, bəlamızın kaffəsi haman qırx-əlli arşın tənzifdən çıxır. Doğrudur, bu adam qızla çox ədəbli danışır, lakin bununla ona mədəni və ziyalı adam demək olmaz, çünki onun qadınları görəcək gözü yoxdur. Sanki qadınlar ona təbiətcə biganədir. Onun qadını vardır, lakin üzünə baxmaz, çünki o qeyri-təbii şəhvətin əsiridir. Bunun üçün də onun cavan övrətləri bir dənə də olsa, uşaq doğmamış. – Nə üçün? – deyə soruşdum. – Onun yanında dörd-beş gənc xidmətçi, hazırda bir nəfər gənci də özü ilə bərabər Məkkə ziyarətinə aparır, öz çirkin əməllərini ziyarətdə də təkrar etmək istəyir. Ağa, bunu sizə bir nəfər iranlı olduğunuz üçün ərz edirəm. Bu haramzada haman uşağı Kərbəla və Xorasan ziyarətinə də aparmışdır, indi də Məkkə ziyarətinə aparır. Bizi də bu səfərə məcbur edən odur. «Gərək gedib tövbə edəsiniz» deyib bizi də öz dalınca Ərəbistan çöllərinə sürüyüb aparır. Biz bu söhbətdə ikən 18 yaşlarında gözəl bir gənc əlində qəlyan içəri girdi və qəlyanı Nəsrulla Salamın qabağına qoydu. Nəsrulla Salam isə: – Bərəkallah, hacı! – deyə alqışladı. Müctəhidzadə yenə də sözünə davam etdi: – Budur, haman uşaq budur, indiyə qədər müctəhid bir neçə bəlasini saxlayıb, böyüdüb buraxmışdır. Gənc hələ də Nəsrulla Salamın qarşısında durmuşdu, gözləri qandan dolmuş bir piyalə kimi qızaran Nəsrulla Salam iki gözünü uşağa dikərək baxırdı. Xeyli baxdıqdan sonra Nəsrulla Salam ona getməyə icazə verdi. Müctəhidzadə isə yenə də sözünə başlayaraq dedi: – Rəfiq, siz bizim rəhbərlərimizi tanımayırsınız. Onların hamısı bu xəstəliyə mübtəladır. Mən: – Əcəba, bu bədbəxt uşaqların axırı necə olur? – soruşdum. – Onlar öz gəncliyini bu əxlaqsızların qucağında keçirdikdən sonra müctəhidin vasitəsilə hökumət işlərinə təyin olunur. Məsələn, Nəsrulla Salamın əmrinə görə, Marağa hakimi Hacı Səməd xan kimi əxlaqsızlar bu uşaqları hökumət işlərinə düzəldir, çünki Səməd xanın özü də Nəsrulla Salamın atasının yanında böyümüş, sonra da hökumət işlərinə təyin olunmuşdur. Hazırda o, Şücaüddövlədir. Dövlətin şücaətidir. İndi isə bizim dövləti, onun müctəhidini və bizim hökumət adamlarımızın kim olduğunu, necə böyüdüyünü mülahizə buyura bilərsiniz. Bu kimi əxlaqsızlığa öyrənmiş və bu rəzalətin içərisində böyümüş cavanlar hökumət idarəsinə keçəndən sonra öz başına gələnləri başqa cavanların başına gətirirlər, odur ki, ölkəmizi əxlaqsızlıq bürümüşdür. Müctəhidzadənin sözləri mənə dərin bir təsir bağışladı. – Siz bu hallarla mübarizə aparmalısınız, xalqa anlatmalısınız, bu həyasızlığın hamısını ifşa etməyə çalışmalısınız, – dedim. Müctəhidzadə mənim qolumdan tutub həyətə çıxardı. Kiçik bağçada gəzişməyə başladıq. Müctəhidzadə yavaşca dedi: – Təəssüf olsun ki, biz bu saatdan sonra sizinlə görüşməyəcəyik, çünki gedirik. Hərgah avam xalqın məzəmməti olmasaydı, mən buradan qayıdar və İrana gedərdim. Orada sizinlə bir az vaxt keçirərdim. Ağa, biz işləmişik, bizim gördüyümüz işi İranda heç kim görməmişdir. Biz nələr etmədik. Biz nə ölümdən, nə dar ağacından, nə «xəlili»dən xof etmədik. Bizi Ağa Məhəmmədhüseyn çox yaxşı tanıyır. Bu namussuz Nəsrulla Salam da bizim səbəbimizə gəlib ağanın evində mənzil edibdir. Biz «Səyahətnameyi-İbrahim bəy» kimi əsərlər yaratdıq. İrandakı həyasızlığı, əxlaqsızlığı başdan-ayağa kimi ifşa etdik, xalqımız isə buna bir məzhəkə məcmuəsi kimi baxdı, çünki onların siyasi ruhlarını Nəsrulla Salam kimi əxlaqsızlar öldürübdür. Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. Diksindim, onun əllərini tutub dodaqlarından öpdüm və dedim: – Nə qədər xoş təsadüf. Nə qədər məsud səfər. Çox sevdiyim və müharrirlərini tanımadığım o böyük «Səyahətnamə»nin insanı güldürə-güldürə ağladan məzmununu dərhal xəyalımdan keçirdim və ixtiyarsız olaraq gözlərim yaşardı. Müctəhidzadə özü də ağlamsındı. – «Səyahətnamə»ni təlif edən mən, bir də Hacı Zeynalabdin Marağalı idi, onun Misirdə çap məsarifini də ikimiz cibimizdən verdik. Mirzə Əliməhəmməd xan Kaşanlı tərəfindən Misirdə çap olunan «Pərvəriş» qəzeti də bizim köməyimizlə çıxırdı. «Hacı Nəmməd bal», «Madər-dövlət» məqalələrinin birisini mən, o birisini Hacı Zeynalabdin yazmışdır. Nəhayət, Ətabək kimi ərzəllər qəzeti İrana buraxmadı. Əliməhəmməd Xanzadə cavan idi, bu zərbəyə dözmədi, özü də vərəmli idi, öldü, qəzet də bağlandı. Ağa, hər işimiz yarımçıq qaldı, indi isə özümüzü axmaqlığa vurub, bu lotunun dalısına düşüb Məkkəyə gedirik. Biz çox danışdıq. Gecə keçirdi. Bizi salona dəvət etdilər. Miss Hanna darıxdığından mənə və Şeyxova getməyimizi təklif etdi. – Hacılar da sabah getməlidirlər, qoy onlar da bir az rahat olsunlar, – dedi. İsgəndər xan Ağa Məhəmmədhüseyndən soruşdu: – Biz sabah saat neçədə buradan rəfi-zəhmət etməliyik? Hər gün vağon vardır, ya yox? – Cənab Hacı, səhər saat yeddidə vağona oturmalısınız, – deyə Ağa Məhəmmədhüseyn cavab verdi. – Cənab Ağa Məhəmmədhüseyn, sizə məlumdur ki, bəndələr ki, cənab Nəsrulla Salamın hüzurunda gedirik, bizim yanımızda on manat, yüz manat bir pul deyil. Bir yüz manat da artıq para verib vağunu qapıya gətirmək olmazmı? Çünki cənab Nəsrulla Salam üçün də vağzala getmək əziyyət olacaqdır. Bu sözlərdən İsgəndər xanın vaqon görmədiyi bəlli oldu. Ağa Məhəmmədhüseyn isə onu sakit etmək məqsədilə dedi: – Mümkün deyil, mümkün olsa idi, buyurduğunuz kimi edərdim. Gecə saat on ikidə vidalaşıb çıxdıq. Müctəhidzadə bizi qapıya qədər ötürüb əlimi bir daha sıxdı. * * * İran Culfasında Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı.. Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər. Faytondan düşüb pilləkənlərdən yuxarı qalxdıq. Bizi aşağı rütbəli bir gömrük məmuru qarşıladı. O yaltaqlandı, yarırus, yarıtürk, yarıfarsca: – Ağa, buyurunuz. Biz sizin sərəncamınızdayıq, – dedi. İçəri girdik, kiçik, yoxsul, kəsif bir otaq idi. Otağın bir küncündə qoyulmuş yazı masası ən sadə taxtadan qaba bir şəkildə qayrılmış, üstü isə Culfanın qəliz tozu ilə örtülmüşdü. Üstündəki şeylərə gəldikdə bir qələm, bir qırıq mürəkkəb qabı, bir də İran hökumətinin vizə möhründən ibarət idi. Yazı masasının dalında oturan gənc pasport məmuru bizi görüb ayağa qalxdı və bizə yaltaqlanan gömrük məmuruna aciqlanaraq: – Gədə, məgər şuma heç şərəf və şərm nədarid? – dedi. Mən ona çar təbəəsi və çar məmuru olmadığımızı bildirərək: – Mən iranlıyam, xanım qız da amerikalıdır, pasportlarımızı viza etdirmək üçün cənabınıza müraciət etdik, – dedim. Onun rəngi açıldı, yerində oturdu, pasportları gözdən keçirərək bir ah çəkdi, vizasını qoydu və bizə qaytarırkən: – Bu imza ilə hər yerə gedə bilərsiniz, bizim imzamızın o qədər də əhəmiyyəti yoxdur, yalnız bu imza kifayətdir, – dedi. O bu sözləri deyərkən barmağını çar jandarmının imzası üzərinə qoymuşdu. Oradan çıxdıq. Yolun kənarı ilə gedən İran tacirlərinin çöhrəsində daha başqa hal var idi. Onlar hərbi nəğmə oxuyaraq keçən bir çar məfrəzəsini fərəhlə dinləyərək danışırdılar: – Çar hökuməti olmasaydı, bizim dərimizi çoxdan soymuşdular. – Ticarət yavaş-yavaş dirçəlir. – Belə də olmalıdır, bizimkilərdən fayda yoxdur. – Baba, nə vətən? Baba, nə istiqbal? Bunlar bizə çörək verməz. Bu cür sözlərdən çox eşidirdik. Fikir və əqidə etibarilə ruslaşan və istilanın qoynuna girən xırda kapitalistlər, qiyafə etibarilə də dəyişmişdilər. Yayın istisinə baxmayaraq, yaxalıq bağlamış, kostyum geymiş və paltolarını qolları üzərinə salmışdılar. Miss Hannanın kiçik bloknotuna qeyd etdiyini görərkən onun üç gün əvvəl «İranda xeyriyyə işləri ilə məşğul olacağız, siyasətlə heç bir işimiz yoxdur» sözlərini xatırladım. Amerikalıların İrandakı çar siyasəti ilə maraqlandığını yəqin etdim. Rus istiqraz bankının maddi himayəsi altına girən və çar jandarmına arxalanaraq İran kəndlisini rahatca soyanların bayram etdiyini hər bir addımda görmək olurdu. Şose yolunda bir rus onbaşısı ilə bir İran tacirinin söhbətini dinləyirdim. O, rusca danışa bilməsə də, mən onun nə demək istədiyini anlayırdım. Onbaşı çox sağlam bir gənc idi. Tacirin kim olduğunu faytonçudan soruşdum. Daran kənd tacirlərindən Hacı Salman ağa olduğunu söylədi. Söhbətləri çox maraqlı idi: – Ваши патишах очен болшой патишах. Я тебе сказал ки мне тибе уважат. Ты хороши человека. Bunu söyləyərək Hacı Salman soldatın üzünü və çənəsini oxşadı və yenə də sözünə davam etdi: – Ваши народа сифилизованны народа. Bu sözü eşidər-eşitməz soldatın tacirə bir şillə vurduğunu gördüm. Onun papağı da yerə düşmüşdü. O yalvarırdı və tez-tez deyirdi: – Мне тебе плохи ни исказал. Зачем тибе мне бибийот? Soldat onun yaxasından yapışıb: – Сифилитик твой отец сукин сын! – deyə onu hara isə sürüyüb aparmaq istəyirdi. Çox adam yığışmışdı, hamı da bilər-bilməz Hacı Salmanı söyür və onbaşını sakit etməyə çalışırdı. Biz orada durmadıq, faytona oturduq, gördüyüm səhnə qanımı qaraltmışdı. Heç bir söz danışmırdım. Nəhayət, miss Hanna: – Biz harada düşəcəyik? – deyə sükutu pozdu. – Burada istirahət ediləcək otel yoxdur, Culfa qərargah şəklini almışdır, – deyə cavab verdim. – Bəs nə edək? – Tanış bir adamın evində düşməliyik, – dedim. – Əlbəttə, bu ancaq sizin üçün mümkündür. Mən isə tanış olmadığım bir adamın evinə necə gedə bilərəm? – deyə qız yenə mənim onu təmin edəcək bir cavab verəcəyimi gözləyirdi. – Siz onların yaxından tanış olduğu bir adamla tanışsınız, bu da kifayətdir, – dedim. Faytonumuz poçt-teleqraf müdirinin qapısında durdu. Xanın xidmətçiləri və oğlanları qapıya çıxdı, məni görüncə sevindilər, şeyləri faytondan götürdülər. Uşaqlar analarına xəbər vermək üçün pilləkənlərdən yuxarı qaçdılar. Burada daha bir təsadüf baş verdi ki, o da xanın ovdan müvəffəqiyyətlə qayıtmasından və bizimlə qapıda təsadüf etməsindən ibarətdir. Pilləkənlərdən yuxarı qalxarkən onunla görüşdük. Miss Hannanı onunla tanış edib birlikdə yuxarı çıxdıq. Xanın xanımı məni amerikalı qızla görərək güldü və qızı hörmətlə qəbul edərək yıxanmaq və tualetini düzəltmək üçün öz otağına apardı. Mən xanımın nə üçün güldüyünü anladım və xana müraciətlə: – «Tanışımız hər səfərində bir qızla gəlir» deyə xanımımız güldü, – dedim, bu sözümü xan da təsdiq etdi və: – Xanım Ninaya böyük hörmət bəslədiyindən, sizi başqa bir qadınla görürkən gülməyə və şübhələnməyə haqlıdır, çünki onun bizim nə iş gördüyümüzdən və nə məqsəd daşıdığımızdan xəbəri yoxdur, – dedi. * * * Çağırılan qonaqların hamısı ov kababı yeməyin intizarında idi. Qonaqlar qruplara ayrılaraq, müxtəlif məsələlər üzərində mübahisələr aparırdılar. Siyasi söhbətlər əsas yer tuturdu. – «Mançester Qardian» qəzeti yanımdadır, qəzet Rusiya və İngiltərənin İranın daxili işlərinə qarışmasını yeddinci il müqaviləsinə zidd hesab edərək, onların istilaçılıq hərəkətinə qarşı protesto edir, – deyə birisi rus istilasının müvəqqəti bir şey olduğunu irəli sürürdü. İranın tezliklə çar Rusiyasından qurtaracağına şadlanan Mirzə Həsən xan idi. – «Deyli Nyus» və bundan başqa bir neçə sosialist qəzetləri də rusların İrana soxulmalarına qarşı ciddi bir surətdə protesto etmişdilər, nicat ümidləri getdikcə artır, azadlıq yolunu tanımış bir xalqı əsir etmək mümkün deyildir. Bir də rus səfiri cənab Sabin və İngiltərə səfiri ser Breqli Məhəmmədəli şaha bu barədə qəti söz vermişlər: ölkəmizdə sakitlik olan kimi çar ordusu çıxmağa məcburdur. Rusiya və İngiltərə səfirlərinin verdiyi vədlərə inanan bu gənc də Rüstəm xan idi. Qaraşın bir kişi bunların hamısına etiraz edirdi. Bu da Araz körpüsündə oturan Mirzə Mahmud xan idi. – Biz heç vaxt azadlıq qazanmaq üçün başqalarının yardımına inanmamalıyıq. Bizə tərəfdar çıxan hər bir dövlətin müəyyən bir məqsədi var, bu məqsəd isə bizim faydamıza ola bilməz. Biz öz qüvvəmizi hazırlamalı, nicatı özümüzdə aramalıyıq. Kapitalist dövlətlərinin biri digəri ilə düşmən olduğuna baxmayaraq, yenə də onlar İran kimi yağlı bir tikəni bölüşməkdə sazişə girə bilərlər. İngiltərə və Rusiyanın İran işlərindəki sazişi də bəndənin sözlərini isbat etmiş olur. Mirzə Məhəmməd xanın sözlərindən sonra söhbət yenə də Təbriz üzərində dayandı. – Qafqazlılar çəkilib gediblər. – Bizimkilərdən xəbərim yoxdur. – Bağır xan, Səttar xan, Tağızadə, Hüseyn Bağban da Osmanlı konsulxanasındadırlar. – Azadlıqdan dəm vuran ingilislər, Təbrizdə heç kəsi öz himayələrinə qəbul etməmişlər, qapılarını inqilabçıların üzünə bağlamışlar. Bu söhbətlərdən mən Səttar xanın himayədə olduğunu yəqin etdim. Lakin bu məni təskin etməyirdi, çünki osmanlılar nüfuzsuz, qüvvətsiz olduğundan ingilislərin və rusların tələbi üzərinə Səttar xanı verməyə məcbur ola bilərdilər və ya ruslar həyasızcasına konsulxanaya soxulub Səttar xanı çəkib aparardılar. Hələ sözarası çar soldat və zabitlərinin evlərinə girib silah almaq bəhanəsi ilə həyasızlıq yapdıqları da danışılırdı. Ayrı-ayrı qrupların uzun söhbətlərini dinləməyə macal yoxdur. Çünki biz də kiçik bir qrup təşkil edirdik. Bizim qrupdakılar: Əmir Həşmət, onun qardaşı Mirzə Əbülqasım xan, Mirzə Məhəmməd xan və bir də poçt-teleqraf müdiri idi. – Bunların başqa fikri, başqa söhbəti yox idi. Qarabəniz, arıq üzlü, alnının yoğun damarları görünən və göz bəbəkləri titrəyən Əmir Həşmət: – Xarici düşməni əzmək və həyasız siyasətindən daşındırmaq üçün xalq üsyanı lazımdır, müsəlləh qiyam lazımdır, – deyirdi. Nahar süfrəsi hazır oldu, qonaqlar süfrə başına dəvət olundu. Söhbətlər kəsildi. Xanın qadını, miss Hanna ilə bərabər süfrədə iştirak edirdi. Süfrə başında eşitdiyimiz yeni xəbər məndən artıq miss Hannanı təşvişə saldı. Xanın xidmətçiləri istila ordusunun baş komandanı general Snarskinin verdiyi əmrnamənin surətini gətirdilər. Əmrnamənin surəti bundan ibarət idi: «Təbriz və Təbriz yolu üzərində vaqe Azərbaycan şəhərləri hərbi vəziyyətdədir. Buralarda əhali siyahıya alınmağa başlandığı üçün müsafirlər hərəkatı müvəqqəti olaraq dayandırılır. Xüsusi əmrim çıxıncaya qədər Təbrizə və başqa şəhərlərə heç kəs buraxılmayacaqdır. Azərbaycan döyüşən ordusunun baş komandanı Snarski 14 iyul 1909-cu il». Bu, yaxşı xəbər deyildi. Əhalini siyahıya almaqda çar jandarmalığının başqa məqsədi vardı. İnqilabda iştirak edən və çar siyasətinə qarşı işləyənlərin siyahısı Snarskinin əlində idi. Əhalini siyahıya almaq bəhanəsi ilə Snarski siyahıda olanların hamısını əldə etməyə çalışırdı. Bizə gəldikdə iki çarəmiz vardı: ya İran Culfasında istidə, tozda qapanıb qalmaq, ya da Rusiya sahilinə qayıtmaq. Mən Rusiya sahilinə qayıtmaq fikrində deyildim, çünki pasport işində yeni əngəl doğa bilərdi. Qızın məsələsi də çətinləşirdi. Mən bu barədə düşünməyi sonraya qoymaq tövsiyəsində bulunsam da, amerikalı qız sakit olmayaraq: – Mən başsız, avara qaldım, məhv olacağam, – deyə ağlamaq istəyirdi. – Siz başsız və yardımsız deyilsiniz, mən sizin rahatlığınız üçün hər bir imkanı yarada bilərəm, – deyə qızı sakit etməyə çalışdım. Qız nicat tələbedici gözləri ilə mənə baxırdı. Ələkbər yoldaş da: – Qorxmayın, xanım, kəndimiz yaxındır, yaxşı otaqlarımız, təmiz havamız və rahat olmaq üçün də imkanımız vardır, – deyə onu ovundururdu. Qız isə sakit olmaq istəməyirdi. – Ekspedisiya üzvləri Təbrizdə, mən isə burada qaldım. Onların nə dərdinədir, əllərində para var, konsulxanadan da hər yardım ala bilərlər, mənim işim isə fənadır, maddi vəsaitim bitəcək, özüm də çöllərdə qalacağam, necə olsun? Nə edim? – deyə qız yol çəkən gözləri ilə əlindəki çəngəl-bıçağa baxırdı. – Bu sözlərin hamısı lüzumsuzdur. Əvvələn, bu hadisə bizdən asılı deyildir. Çar işğal ordusunun tələbidir, ikincisi isə para və vəsait barəsində heç də düşünməməlisiniz, zəngin bir tacir olmasam da, zəngin bir nüfuzum vardır. O nüfuz sizi və elə də mənim özümü illərcə yaşatmağa müqtədirdir. Biz harada olursa-olsun, tanışlarımızın, rəfiqlərimizin hörmətli qonağı kimi yaşayacağıq, üçüncüsü isə yanımızda aylarca sizi təmin edə biləcək para vardır, öz paramızla da yaşaya bilərik. Heç düşünməyin, rahatınız, əmniyyətiniz, siz düşünməsəniz də, təmin ediləcəkdir. Mənim bu inandırıcı və cəsarətli sözlərim Hannaya təsir etdi, onun tutulmuş üzü açılmağa başladı. * * * Livarcan yaylasına doğru Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı. Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim. O: – Mən orada sizsiz qala bilmərəm, – dedi. – Mən də sizinlə bərabər gedəcəyəm, xanın ailəsi və Ələkbər yoldaş da orada qalacaqdır. Salamat yaşayaraq razı qalacağımıza söz verirəm, – deyə fikrimi qıza daha ətraflı bir şəkildə anlatdım. Qızın titrək və mavi göz bəbəklərindən birər qətrə yaş düşərək, abı ipək donunun ətəklərində parçalandı. – Sizə inanıram. İradəli adamsınız. Özünüzdən də artıq mənim qeydimə qalacağınızı bilirəm. Lakin mən öz haqqımda göstərilən hörmətin səlahiyyətini qazanmadığım üçün utanıram, çünki bu yaxşılığın əvəzini gələcəkdə də verə bilməyəcəyəm; ancaq mənim həqiqi bir düşüncəm varsa, o da mənim sizinlə daimi tanışlıq etmək arzularımdan ibarətdir. Qız bunu dedikdən sonra mənim əllərimi sıxdı, onun qızğın əlləri mənə dillə söylənilməyən bir çox sözlər oxudu. Mən miss Hannanın bu səfərdən razı qaldığını, Livarcan yaylasına köçmək istədiyini xana və onun xanımına xəbər verdikdə onlar da xeyli məmnun qaldılar. Başqa hazırlıq lazım deyildi; xanın bir faytonu vardı, iki fayton da kirayə etməli idik. Fayton üçün karvarsaraya girdikdə Hicaz havasında ucadan Quran oxuyan bir adamın səsini eşitdim, təəccüb etdim. Atların kişnəməsi, eşşəklərin anqırması, arabaçılar və faytonçuların səsləri bir-birinə qarışdığı bir yerdə Quran oxuyanın kim olduğunu bilmək üçün yaxınlaşdıqda, dünən rus soldatının döydüyü Hacı Salmanı gördüm. Dünən bu hacının başına gələn əhvalatı xana söylədim. O gülərək dedi: – Bu Hacı Salman Culfanın yaxınlığında olan Daran kəndindəndir. Özü də çar casusudur. Ələmdar şəhərinin çar təbəəsi olan mülkədarlar tərəfindən qəsb olunmasına xidmət edən bu məlundur. Hər namazdan sonra bir cüz Quran oxumalı və əhalinin başını ağrıtmalıdır. Mömin və müsəlman çar casuslarına hər addımbaşında təsadüf edə bilərsən. Hazırda başlarında furaşka, əynində kostyum və yaxalıq gördüyün bu adamların hamısı iyirmi gün əvvəl əba və don geyən, saqqalını rəngləyən, barmağında əqiq üzük, təsbeh olan tacirlərdir. Bir neçə gündən sonra ingilislər gəlsə, başlarına ingilis qalpağı taxıb, ağızlarına trubka almağa hazırdırlar. – Yaltaq, meymun kimi təqlidçi bir xalqdırlar. Təqlidi bunlara öz din rəhbərləri öyrətmişdir. Faytonları danışdıq. Günəş qalxmamış, hava qızmamış Culfadan çıxmalı idik. Faytonların birinə xanla qadını, digərinə uşaqları ilə xidmətçisi, üçüncüsünə isə mən, miss Hanna oturub yola düşdük. Ələkbər yoldaş səhər tezdən Şüca kəndinə getmişdi, kənd yolumuzun üzərində olduğundan günorta Ələkbər yoldaşa qonaq olmalı idik. Bizim faytonumuz qabaqda gedirdi. Qız zərif əllərinə baxaraq: – Bəlkə, mən sizə rast gəlməyəydim, onda necə olardı? – dedi. – Təsəvvürə gətirə bilmirəm, mən İran səfərini bu qədər əngəlli bilməzdim. – Hər kəsə təsadüf etsəydiniz, mədəni bir qıza qarşı hörmətdən başqa bir hərəkətdə bulunmazdı zənnindəyəm. Qız: – Doğrudur, elə adam tapılardı, lakin o sizin kimi olmazdı, – dedi. – Nə üçün olmazdı? – Çünki siz başqa, başqası isə başqadır. Sizi hamı sevir, hörmət bəsləyir, mən birinci gündən buna inandım, bunun üçün də sizə hörmət bəsləyirəm. Mən bu hörməti indiyə qədər heç kəsə etməmişdim, gələcəkdə də etməyəcəyimə and içirəm. Təəssüf olsun ki, mən şərqli, siz isə amerikalı deyilsiniz, – qız bu sözləri deyərək, yenə də düşünməyə başladı. – Təəssüfə lüzum yoxdur, – deyə güldüm, – indi hər ikimiz Şərqdəyik. O, utanaraq: – Zənnimcə, yaşımızda da fərq azdır, – deyə əlavə etdi. – Bəli, burada da bir təsadüf mövcuddur, – deyərək fikrə getdim. Mən bu yolları bir neçə ay əvvəl Nina ilə getmişdim, indi o nə vəziyyətdə idi, necə yaşayırdı? Başına bir fəlakət gəlməmişdi ki? Ona bir bədbəxt hadisə üz vermiş olsa, onun səbəbi mən özüməm. Daha sonra mənə bağlanmaq istəyən amerikalı qız haqqında düşünürdüm. Bunun fəlakətinə və yollarda qalmasına səbəb yenə mən idim. Bu amerikalı qızdan Təbrizdə təqib etmək istədiyim məqsəd üçün istifadə xəyalına düşməsə idim, bunu Culfada iki gün ləngitməsə idim, indi bu qız uzun yolların əziyyətindən uzaqda, Təbrizdə olardı. Miss Hanna mənim dərin düşüncəyə daldığımdan şübhələndi və mənə müraciət ilə: – Siz mənim sözümdən incidinizmi? – dedi. – Hansı sözünüzdən? – Bəlkə də, özüm hiss etmədən sizin kədərinizə bais olacaq bir söz danışdım? – Xeyr, sizdən səmimiyyətdən başqa bir şey görməmişəm, onlar adi söhbətlərdir. – Yox, – qız etiraz etdi, – söhbətlərimizdə adilik yoxdur. Bu sözlər mənim qəlbimdən, qanımdan çıxan söhbətlərdir. Bu sözlərin xatirəsi məndə üzük qaşında yazılan və silinməsi mümkün olmayan nəqşə qədər davam edəcəkdir. Heyif ki, siz amerikalı deyilsiniz... – deyə yenə də qız təkrar etdi. Mən onun bu sözlərini eşitməməzliyə vurdum. Yenə də Nina yadıma düşdü. Mən Ninanın Təbrizdə dinc oturmayacağını, siyasi işlərlə məşğul olacağını bilir və nəticədə də bir fəlakət qarşısında qalacağından qorxurdum. Lakin faytonda davam edən sükutu uzatmaq doğru deyildi. Miss Hannanın titrədiyini, mənim sükutumun etinasızlıq kimi təbir olunduğunu hiss edirdim, buna görə də ondan soruşdum: – Atanız sağdırmı? – Bəli, sağdır, şərqşünasdır. – Ananız da sağdırmı? – Bəli sağdır. O, hələ gəncdir. Birinci çocuğuyam, ona görə də məni həddindən artıq sevir. – Hərgah onlar sizi çox sevirlərsə, nə üçün uzaq səfərlərə buraxırlar? Qız təəccüblə üzümə baxaraq, cavab verdi: – Çünki məni sevirlər, səyahətimin, təcrübəmin müsbət nəticələr verməsinə çalışırlar. Mən şərqşünaslıq fakültəsini bitirdim. Təcrübə səyahətləri keçirmək üçün Şərq ölkələrini intixab etdim. – Sizin, – deyə qızdan soruşdum, – bu səyahətinizin Amerika üçün bir əhəmiyyəti vardırmı? Qız mənə əyri-əyri baxaraq: – Nə demək istədiyinizi bilirəm, fikriniz doğrudur. Lakin o, İngiltərə-Rusiya müstəmləkəçiləri üçün nə qədər doğru isə Amerika haqqında doğru deyildir. – Nə üçün doğru deyildir? – deyə soruşdum. Qız əlini əlimin üstünə qoyaraq davam etdi: – Müstəmləkə ediləcək bir ölkənin əvvəlcə adəti, ənənəsi, dini, məfkurəsi, təriqəti öyrənilir, xalqının əhvali-ruhiyyəsi yoxlanılır, əqidələrin kütlə üzərindəki təsiri tədqiq edilir, bunlara əsasən də həmin ölkənin müstəmləkə planları tərtib edilir. Lakin bu üsul hər bir dövlət və hər bir müstəmləkəçi üçün əlverişli deyildir. Müstəmləkəçilik, yalnız bir ölkəni, bir xalqı tamamilə öyrənməklə tamamlanmayır. Coğrafi və etnoqrafik cəhətlər də müstəmləkəçilik işində mühüm rol oynamaqdadır. İranda müstəmləkəçilik siyasəti aparmaq üçün Amerika hökuməti son iki cəhətdən məhrumdur. – Elə isə sizin İrandakı səyahətinizin nə kimi bir əhəmiyyəti ola bilər? – Bu səyahətin həm İran, həm də Amerika üçün böyük əhəmiyyəti vardır. Mən sizə əvvəlcə biz siyasi məsələlərdən uzaqdayıq, demişdim, indi isə özümüz də hiss etmədən söhbətlərimiz incə nöqtələrə varmışdır. – Zənnimcə, burada heç bir siyasi məsələ yoxdur. Burada yalnız səmimi bir söhbət vardır. Çünki bura nə iclasdır, nə də mitinqdir, elmi akademiyanın kabineti də deyildir. Qız gülərək: – Siz bunu səmimi söylədiyiniz kimi, səmimiyyətə də inanırsınızmı? – Buna vicdanımla söz verirəm. Bu tanışlıq davam etdikcə səmimiyyətimiz də yüksələcək və möhkəm olacaqdır. Qız bir az düşünərək dedi: – İstər Amerika, istərsə Almaniya hökumətlərinin İrandakı fəaliyyətində əvvəlincilər üçün xarici, İran üçün isə daxili mənfəəti vardır. Almaniya İranda rus mənafeyinə qarşı təşəbbüslərdə bulunur, o, Rusiyanın İranda almaq istədiyi bir çox imtiyazlara müştəri çıxır, nəticədə İran Rusiyaya imtiyazlar verirsə də, qismən özü üçün əlverişli bir surətdə verə bilər, çünki Rusiya öz qarşısında Almaniya kimi rəqib gördüyündən güzəştə məcbur olur. Bununla da İranın boynuna keçirilən boyunduruğun ağırlığı qismən azalmış olur. Amerikalılar da sizin vətəniniz üçün zərərli deyildir. İstər Almaniya, istər Amerika və bunların hər ikisi İranın hakimləri kəsilən İngiltərə və Rusiyadan bir şey qoparmaq və öz mənafelərinə qarşı güzəştə məcbur etmək siyasətini daşıyırlar ki, bu da bir çox hallarda İran üçün faydalıdır. – Zatən bunlar da eyni müstəmləkəçilərdəndir, deyə sözünü kəsdikdə: – Doğrudur, – deyə qız cavab verdi, – lakin alman, Amerika kapitalistləri müstəmləkəsi olsalar da, ruslar və ingilislər kimi həris müstəmləkəçilərdən deyildirlər. Almaniyanın Türkiyədə apardığı cahangirlik siyasəti də Şərqdə İngiltərə hegemoniyasını qırmaq üçündür. Almaniyaya Bağdad dəmiryolu lazımdır, çünki Almaniya Rusiya və Əfqanıstandan keçib Hindistana girə bilməyəcəkdir. Ona Bağdad dəmiryolu daha əlverişlidir. Bu dəmiryol vasitəsilə Almaniya orduları heç bir tələfat vermədən Hindistan qapılarını döyəcəkdir. Qız sözünü bitirib sükuta dalmışdı, indi o məndən cavab gözləyirdi. Mən isə uzun cavab verə bilməyəcəkdim, çünki Şüca kəndinə yaxınlaşırdıq. – Elədir, xanım qız, – dedim, – lakin Almaniya Türkiyə vasitəsilə Hindistana səfər edərkən Türkiyənin nə vəziyyətdə qalacağını da düşünməliyik, Napoleon Almaniyadan keçib Rusiyaya səfər etdiyi vaxt Almaniya nə vəziyyətdə qalmışdısa, Almaniya Türkiyədən keçib Hindistana getdiyi zaman da Türkiyə həmin vəziyyətdə qalacaqdır. Qabaqdan dörd nəfər atlı gəlirdi. Söhbəti kəsdik. Atlılar gəlib yetişdi. Ələkbər yoldaş öz əmisi oğlanları ilə bizim istiqbalımıza gəlmişdi. Şüca kəndinə girdik, Ələkbər yoldaşın ikimərtəbəli evi qarşısında faytonlardan endik. Hava sərin idi, xəfif bir yel əsirdi. Əl-üzümüzü yuduqdan sonra get-gedə Culfanın istisini unutmağa başladıq. * * * Adət üzrə ev sahibi qonaqların ayaqlarını yumaq tədarükünü gördü. Miss Hanna buna razı olmadıqda: – Adətləridir, adətdən qaçmaq onları təhqir etmək deməkdir, – dedim. Miss Hannanın ayaqlarını Ələkbər yoldaşın gənc arvadı yuyurdu, mənim ayaqlarımı isə başdan-ayağa qədər qaralara bürünmüş matəmli bir qadın yumaqda idi. Mən bu qadını tanıdım. Bu, rəhmətlik Haqverdi yoldaşın arvadı idi. Mən özümü ələ ala bilmədim, bu qara paltar İrandakı birinci kəndli üsyanını və onun xain əllərdə boğulduğunu nəzərimdə canlatdı, ağladım. Haqverdi yoldaşın arvadı da ağlayırdı. Gözlərindən axan yaşlar əlindəki qabın suyuna qarışaraq ləyənə tökülürdü. Bunu görüb bütün evdəkilər və qonaqlar ağlamağa başladılar. Evin balkonu bir matəm məclisi şəklini aldı. Məsələdən xəbəri olmayan miss Hanna da dəhşətindən gözünün yaşını axıdırdı. – Söyləyin, Allahı sevirsinizsə, söyləyin. Bir bədbəxt hadisəmi üz vermişdir? – deyə soruşdu. Mən əlimdəki üz dəsmalı ilə üzümü silərək otağa girdim, miss Hanna dalımca otağa gəldi və bir daha: – Söyləyin, nə hadisə üz vermişdir? – deyə yalvardı. – Dinləyin, miss, – deyə anlatmağa başladım. – 1908-ci ilin dekabrında Culfada böyük bir kəndli üsyanı olmuşdu. Bu üsyan İran Azərbaycanında birinci və tarixi bir üsyan idi. Üsyan bir mülkədara qarşı başlanmışdı. Culfa və indi bizim olduğumuz Şüca və qonşuluqda olan Gərgər adlı şəhər və daha əlliyə qədər kənd haman mülkədarın idi. Mülkədar çar təbəəsi olduğundan yerli qanunlara tabe olmayır, bütün məhsulun 70 faizini kəndlinin əlindən alıb onu dilənçi halına salır və son vaxtlar yaxında olan Ələmdar şəhərinə sahib olmağa və İran hökumətini zorlamağa başlayırdı. Haman qara paltar qadının əri Haqverdi bu yerin məşhur üsyan rəhbəri idi. O, ağalara qarşı böyük və silahlı bir üsyan təşkil etdi. Oxumamış olduğu halda, böyük təşkilatçı idi. O, mülkədarı Allah hesab edən və ona qarşı üsyana cürət etməyən xalqı inandırmağı və təşkil etməyi bacarırdı. Dekabr ayında ağalar kəndli hərəkatını dayandırmaq üçün Təbrizdən Culfaya gəlmişdi, lakin üsyan başında duran Haqverdi heç bir vəchlə barışmaq istəmədi. İxtilaf əsnasında çar təbəəsi olan gəncəli mülkədarların qardaşı Ağarza Haqverdini öldürdü. Xanım qız, İranda bu cür hadisələr çoxdur. Mən sizə ancaq bircəsini söylədim. Hazırda haman mülkədarın tərəfdarı olan qolçomaqlar yenə də Haqverdi yoldaşın tayfasını rahat buraxmayır, Ələkbər yoldaşı da onun əmisi oğlu olduğu üçün təqib edirlər. Hətta onun yaxın qohumlarından Hacı Hüseyn, Məşədi Tağı və sairələri də ağanın casuslarıdır. Bu sözlərdən sonra miss Hanna məni bir daha təpəmdən dırnağıma qədər nəzərdən keçirərək: – Siz mənə inanın, siz adi bir iranlı deyilsiniz, mən də sadə bir amerikalı, – dedi. – Gələcək hər bir işi həll edəcəkdir, – deyə mən qızın əlini oxşayaraq davam etdim. – Bu gün bizim tanışlığımızın beşinci günüdür, bu da iki gəncin bir-birini tanıya bilməsi üçün çox qısa bir müddətdir. Bu sözlərlə Hannanın qolundan tutub balkona çıxartdım. Həyətdə qoyun kəsmişdilər. Samovar hazırlanmışdı, lakin çaya meylimiz yox idi. Hamı su içmək istəyirdi. Buna görə də masanın üzərinə böyük bir mətrət buzlu ayran qoyulmuşdu. – Bu nədir? – deyə miss Hanna Ələkbər yoldaşdan soruşdu. – Buzlu ayrandır, biz yayda çox az su içirik. – Buz zərərli deyilmi? – Buzu ayranın içinə salmamışıq. Ayranı buz içərisində soyutmuşuq. – Buz bura haradan gəlir? – Bizim getmək istədiyimiz Livarcandan gətirirlər. Culfada gördüyünüz buzlar da buradan aparılır. Miss Hanna ayrandan içdi və çox xoşladı. Lakin xanın arvadı bir stəkandan artıq içməsinə mane oldu, çünki o öyrənməmişdi. Axşam sərinləri düşənə qədər kababdan başlayıb plova qədər süfrəyə hər cür yemək gəldi. Balkon sərinlədiyindən xanın arvadı çiyninə bir rus şalı salmışdı, miss Hanna da plaşını çamadanından çıxartmağı düşünürdü. Bu halda Ələkbər yoldaşın xanımı miss Hannanın çiyninə qayət əntiqə və qiymətli bir Kirman şalı saldı. Ələkbər yoldaş qıza müraciətlə: – Xanımın sizə verdiyi hədiyyə qiymətli bir hədiyyə olmasa da, yenə o sizə bizim ailəmizi və mənim əziz qonağımı – məni göstərərək – xatırladacaqdır, – dedi. Qız razılıq etdi, şalı bir daha diqqətlə gözdən keçirdi. Gün hələ batmamışdı, faytonları qoşdular, vidalaşdıq. Haqverdinin arvadı yenə də ağladı, lakin Ələkbər yoldaşın anası: – Qızım, müsafirin dalınca ağlamaq yaxşı deyildir, – deyə onu sakit etdi. Faytonlara oturduq. Ələkbər yoldaş da dörd nəfər silahlı əmisi oğlanları ilə bərabər atlandı. Yolumuz gecə və həm də dağlar, dərələr arasından olduğu üçün onlar bizi Livarcana qədər müşayiət edəcək idi. * * * «Şahın bibisi oğlu» Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı. Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı. Görüşdük. Mən, poçt müdiri və xan faytondan düşüb piyada gedirdik, xanımlar isə faytondan düşməmişdilər. Yolun hər iki tərəfində xanın rəiyyətləri sıra ilə durmuşdu. Onlar faytonlara təzim etdikcə mən İranda hökm sürən köləlik dövrünün bu şəklini gözdən keçirdim. Uzun küçələr Livarcanın böyük şəhər olduğunu bildirirdi. Faytonumuz fənərlərlə işıqlanmış böyük bir qapıda dayandı. Bura Hacı xanın yaşadığı bina idi. Dərhal hər faytonun qabağında bir qoyun qurban kəsildi. Qurban kəsilincə dayandıq, qoyunlar kəsiləndən sonra cəmdəklərin üzərindən addayıb keçməli idik. Poçt-teleqraf müdiri əvvəlcə keçməyi mənə təklif etdi, mən etiraz etmədim. Etirazım Hacı xanın şərəfinə toxuna bilərdi. Qurbanın üstündən addadım, miss Hanna da addayıb keçdi, şübhəsiz ki, şərqşünas qız Şərqin qurban adətini bilməmiş deyildi. Geniş və meşəliyə bənzəyən bir bağa girdik. Ətrafında ər-ər ağacları düzülmüş geniş xiyabanda bir neçə dəqiqə yol getdik. Xiyaban böyük fənərlərlə işıqlanmışdı. Uzun və daş döşəməli bir balkona çıxdıq. Biz balkonla avizəli və böyük lampalarla işıqlanmış otaqların qabağından keçərək gedirdik. Qadınlar bir otağa, biz isə başqa bir otağa girdik. Yuyunub yol paltarımızı dəyişdikdən sonra Hacı xanın uzun və zəngin tənabisinə keçdik. Salonun zəngin xalçaları, pərdələri, avizələri mənə «Min bir gecə» hekayələrində oxuduğum və dünyada mövcud olmadığını hiss etdiyim Bağdad saraylarını, daha açığı, Abbasilər xilafətinin hərəm dairələrini andırırdı. Bu zənginlik bir mülkədarın əhatə edə biləcəyi zənginlikdən daha geniş idi. Bura bir neçə kəndi yox, İran kimi zənginliklər və asari-əntiqələr ölkəsini istismar edən bir əlin hakim olduğunu hiss etdirirdi. Miss Hanna salona gec gəldi, xanın oğlunun dediyinə görə, xanın arvadı, gəlinləri və qızları miss Hannanın ətrafına toplaşaraq, onu öz yanlarından buraxmaq istəməyirlərmiş. Miss Hanna poçt-teleqraf müdirinin arvadı ilə bərabər salona girdi. O, irəlilədikcə qızıl alovlu şamları olan böyük avizənin şəfəqlərinə yaxınlaşır və şəfəqlərdən rəng alan ağ ipək donu ilə əlvan bir vəziyyət alırdı. Mən qızın Hacı xanla nə cür görüşüb tanış olacağı ilə maraqlanır və əcəba, qız qoca Hacı xanla bir qərbli və ya bir şərqli kimimi rəftar edəcəkdir? – deyə düşünürdüm. Miss Hanna əvvəlcə salona farsca ümumi bir salam verdi. Bundan sonra miss Hanna Hacı xana yanaşıb onun əlini tutdu və əlindən öpdü, Hacı xan isə əlini onun saçlarına toxunduraraq: – Bərəkallah, qızım, – dedi və oturmasına icazə verdi. Mən bu amerikalı qızın nə qədər bacarıqlı, ədəbli, gözəl, munis bir qız olduğuna təəccüb etməsəm də, Şərqi öyrənmək istəyən kapitalist dövlətlərin bu kimi hazırlığına təəccüb etməyə bilməzdim. 20 yaşında bir qızın Şərqin əhvali-ruhiyyəsini öyrənməsi, özünü bir Şərq qadını kimi aparması olduqca maraqlı və bir aktyorun səhnədə oynaması kimi maraqlı idi. Xan qıza müraciətlə: – Bizi sərafraz buyurmuşsunuz, sizin təşrifiniz münasibətilə özümüzü bəxtiyar hesab edirik. Əfv edərsiniz, kiçik bir qəsəbədə yaşadığımız üçün mədəni məmləkətlərdən gələn əziz qonağı mədəni bir halda rahat edə bilməyə qadir deyilik, – dedi, – varımız bundan ibarətdir, amma siz özünüzü atanızın evində olduğu kimi hiss edə bilərsiniz. Biz miss Hannanın Hacı xana nə cavab verəcəyi ilə maraqlanırdıq. Hacı xan Şərqin mehmannəvaz bir şivəsi ilə danışdı, qız isə bir amerikalı olduğundan Şərqin bu kimi rəsmi təarifinə qarşı hansı üslubda danışa bilərdi? Hacı xan qızın farsca anladığını, farsca danışdığını bilsə də, onun bir fars qızı şivəsi ilə hərəkət edəcəyini bilmirdi. Odur ki, qız danışmağa başlarkən Hacı xan tamamilə heyrət içində qaldı. – Şərqin unudulmaz və başqa ölkələrdə təsadüf edilməyəcək bir xüsusiyyəti vardır, – deyə qız sözə başladı, – o da mehmanpərəstlik, mehmannəvazlıq, munislik, mütəvazölik, kiçiklərə qarşı mərhəmət, böyüklərə qarşı hörmətdən ibarətdir. Şərqdə digər bir xüsusiyyət də vardır ki, onu da deməyə icazənizi istəyirəm, – deyə qız bir az düşündü. – Bəfərma, düxtəri-mehribanəm – deyə Hacı xan onu təşviq etdi. – Nədənsə, insan şərqlilərə tez öyrəşir. Onlara yaxınlaşmaq nə qədər böyük bir səadətdirsə, onlardan ayrılmaq da o qədər çətindir. Qızın bu sözlərindən xan və xanın oğulları çox razı qaldılar. Çaylar tökülməyə başladı. Hər şeydə bir xaruqəladəlik nəzərə çarpırdı. Firuzə başlı nargilələrin səsi, açıq pəncərənin qabağında vuran fəvvarənin fışıltısı, altun qaşıqların stəkanlardakı hərəkəti, xülasə, indiyə qədər xəyalıma gətirə bilmədiyim bu mənzərə mənə bir daha: «Hər kiçik qəsəbəsində Böyük Britaniyanın «Birminham» sarayını düzəldən və özünü daxili zənginliklər içərisində nazladan Şərq, hələ bir çox illər bundan sonra da öz xarici düşmənınə qarşı mübarizə xəyalına düşməyəcəkdir!» – sözlərini təkrar etdirirdi. Miss Hanna mənim qulağıma bir şey pıçıldadı, bunu Hacı xan hiss edincə: – Kiçik xanım nə istəyir? – deyə soruşdu. Mən xanın sualının cavabını verə bilmədim, çünki qız Şərqdə intişar tapa bilməyən bir təklifdə bulunaraq «nə üçün cənab xanın qızları və gəlinləri çay masasında iştirak etməyir?» – deyə soruşurdu. Xan sualı hiss edirmiş kimi cavabını gözləmədən: – Adətləri belədir, lakin mən bu adətin tərk olunmasına tərəfdaram. Hər şeyimiz mədənidir, libasımız, qiyafətimiz, ev yaşayışımız hamısı avropalı həyatı şəklini almaqdadır. Lakin örtülülük məsələsi əvvəlki şəklində qalır. Bu da bizim hələlik zahirən mədəni, daxildə isə ibtidan həyat keçirməkdə olduğumuzu göstərir. Bunu da deməliyəm ki, qızlar analarından, gəlinlər isə oğlanlarımdan asılıdır, – dedi. Xanın oğulları yerə oturmamışdı, ayaq üstündə durub atalarının əmrini gözləyirdilər. Poçt-teleqraf rəisinin dediyinə görə, nə oğlanlar, nə qızlar, nə də gəlinlər bir kərə də olsa, Hacı xanın icazəsi olmadan yerə oturmamışdılar. Bundan sonra xan oğullarını irəli çağırdı və: – Əyləşin – dedi. Əvvəlcə Məhəmmədəli xan Əminülləyalə, ondan sonra kiçik oğlu Fətəli xan Səmsamüləşkər irəli gəlib əyləşdilər. Yenə də bir az sonra xan onlara müraciətlə: – Xanımlarınızın və bacılarınızın gəlməsinə icazə verirəm, buradakı xanımların da meyli bunadır, – dedi. Oğlanlar təzim edərək salondan çıxdılar, bir azdan sonra xanın iki gəlini, iki də qızı salona girib salam verdilər. Onların dördü də cərgə ilə durdu, mən onlara baxdıqda qarşımda sanki əlvan ipəklərə bürünmüş dörd tovuz quşunu gördüm. Gəlinlər bir-birinə bənzəyirdi. Onlarda bir fərqi vardısa, o da böyüklük və kiçiklikdə idi. Poçt-teleqraf rəisi bunların iki bacı olub, iki qardaşa ərə getdiyini söylədi. İstər Hacı xanın qızları, istərsə gəlinləri bir paltarda, bir qiyafədə və bir biçimdə idilər, dördü də yaşıl ipəkdən don geymişdi, paltarların modası da köhnə modalardan deyildi. Hacı xan bir kərə: – Qızlarım çay büsatını idarə edin, – deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. Təəccüblü burasıdır ki, gəlinlər salonda olduğu müddətdə oğlanların heç birisi salona gəlmədi. Biz çay içirdik, Hacı xan, Ələkbər yoldaş və poçt-teleqraf rəisi də qəlyan çəkirdi. Çay bitincəyə qədər qızlar və gəlinlər salonda qaldılar. Onlar özlərini olduqca azad hiss edirdilər, utanmırdılar və başqaları kimi başlarını aşağı salmırdılar. Gəlinlərin Tehranda yaşayıb, Tehranda da oxuduqlarını söylədilər. Onlar ancaq hər il yayı Livarcana gəlirlərmiş. Böyük gəlinin adı Sərvinaz, kiçik gəlinin adı isə Səmənsa xanım idi. Qızların böyüyü Mişkbu, kiçiyi də İrandüxt xanım idi. Hacı xanın böyük oğlu Tehranda maliyyədə, kiçik oğlu isə hərbi idarədə xidmətdə idi. Gecə saat birdə şam süfrəsinə oturduq. Süfrədə bizim ayağımıza kəsilən qurbanların ətindən görmədim. Bütün xörəklər toyuq ətindən hazırlanmışdı. Süfrədə içki adına yalnız şirin və ətirli şərbətlər var idi. Biz şam süfrəsindən qalxmaq istədikdə Hacı xan bizə müraciət ilə: – Mən hər gün axşam yeməyindən sonra bir az eyvanda gəzişirəm, – dedi. Biz də onunla balkonda gəzişdik. Yarım saatdan sonra poçt-teleqraf rəisinin arvadı ilə miss Hanna bir otağa, rəislə mən də başqa bir otağa çəkilib istirahət etdik. * * * Hacı xan Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək: – Cənab xan, hamam hazırdır, – dedi. Xan bizə müraciətlə: – Bu gün hamama heç kəs buraxılmayacaq, axşamdan əmr vermişəm. Nə qədər xanımlar yatmışdır, siz buyurub yuyuna bilərsiniz, – dedi. Otağa qayıdıb alt paltarlarımızı hazırladıq. Xanın nökərləri boğçalarımızı götürdü və hamama getdik. Ağ mərmərdən tikilmiş qayət təntənəli bir hamam idi. Səkidə salınmış fərşin üstündə oturduqda iki nəfər hamam xidmətçisi gəlib bizim paltarlarımızı soyundurmaq istədi. Biz razı olmadıq. Bu xidmətçilər hamamdan çıxanda da bizi geyindirmək istədi. Görünür ki, xanın özü, oğlanları hamama gələrkən hər işlərini bu xidmətçilər görürmüş. Hamamdan qayıtdıq, çay süfrəsi hazır olsa da, ətrafında oturan yox idi. Miss Hanna otaqdan çıxaraq məni çağırdı, hamama gedib-getməməsini soruşdu, mən hamamın təmiz olduğunu söylədim və onun getməsini məsləhət gördüm. Xanımlar hamamdan qayıdıncaya qədər biz bağı dolaşdıq. Hacı xan söhbətə başlayaraq: – Ağalar, əslinə baxsanız, ağalıq, mülkədarlıq və rəiyyət saxlamaq həvəsindən düşmüşəm, bunun üçün də on dörd kəndimi dəyər-dəyməzinə satdım, əlimdə qalan beş kənddən də təngə gəlmişəm, – dedi. – Nə üçün, cənab xan? O, bir ah çəkərək dedi: – İranda mülkədar olmaq üçün iranlı olmaq yaramaz. Çar təbəəsi olmalısan. Mənim kəndlərimin arasında çar təbəəsi olan gəncəli Məhəmmədovların xaraba bir kəndi vardır, kəndin bütün gəliri əlli xalvar arpa-buğdadan ibarət idi. O xaraba kəndin vasitəsilə də gəncəlilər minlərcə xalvar gəliri və minlərcə nüfusa malik olan kəndlərimi əlimdən aldılar. Mən təəccüblə bunun səbəbini soruşdum. – Kəndimin suyunu kəsdilər, rəiyyətlərini öyrədib kəndlərimin taxıllarını otardılar, şərarət işlər görüb kəndlilərimin həbs edilməsinə səbəb oldular, müxtəsər, kəndliləri dilənçi halına saldılar. Mən onların məqsədini bilirdim: onlar kəndimi dəyər-dəyməzinə almağa çalışırdı. Doğrusu, mən rəiyyətin bu ağır vəziyyətinə dözə bilmədim. Mənim səbəbimə onlar olmazın fəlakətlərini gördülər. Kəndlilər qorxusundan öz bağına, öz əkininə çıxa bilmirdi. Gəncəlilərin rəiyyəti harada Hacı xan rəiyyətini görürdüsə, başını parçalayırdı. Mən Hacı xandan: – Hökumətə müraciət etmədinizmi? – deyə soruşdum. – Hökumət kimdir ki? Bizim özümüz hökumətik. Mənim anam Abbas Mirzə Nayibsəltənənin qızıdır: o, atasından sonra doğulduğundan bütün Qacar xanədanı onu sevirdi. Hacı xanım bütün İranda məşhurdur. Nəsrəddin şah ona bibi deyərək əlindən öpərdi. Müzəffərəddin şah da Təbrizdə vəliəhd olduğu zaman anam gəlmədən süfrəyə oturmazdı. Mən gəncəlilərin zülmündən şikayətə getdim. Özüm də Təbrizə gedəndə Müzəffərəddinin evində mənzil edərdim. O da mənim dərdimə çarə tapa bilmədi: «Sat, yaxanı qurtar, çar təbəəsidirlər, həyasızdırlar, şərarətçidirlər», – deyə məni yola saldı. Ona ikinci dəfə müraciət etdim, yenə: «Mülkünü sat onlara, başqa yerdə sənə kənd verim», – dedi. Müxtəsər, kəndlərimi satmaq üçün Təbrizə getdim, hər kəsə təklif etdimsə, «Qonşun çar təbəəsidir, bacara bilmərik», – deyə kəndlərimə qiymət vermədilər. Almaq istəyənləri də adam göndərib qorxutdular. Axırda onlara qonşu olan üç kəndimi yüz min tümənə satdım; halbuki üç kəndin birillik gəliri 150 min tümən idi. – Bununla yaxanız qurtardımı? – deyə soruşdum. – Xeyr, onlar iki il babat keçindilərsə də, sonra başqa kəndlərimdə də həmən əvvəlki oyunları başladılar. Axırda kəndliləri üzərimə qaldırdılar. Mən kəndliləri təqsirləndirmirəm, onların da haqqı var, çünki mənim əlimdə qaldıqca əziləcək idilər, axırda satdım, qurtardım, onlara qonşu olan bütün kəndlərimi dəyər-dəyməzinə əllərinə keçirdilər. – Bəs indi necə yola gedirsiniz? – Bəli, əl çəkmişlər, çünki qonşuluğumuz yoxdur. Bir də onlar böyük işlərlə məşğuldur. Gərgər kimi şəhəri udub, indi də Ələmdarı yemək istəyirlər. Ələmdar alınarsa, ondan sonra növbə mənim əlimdə olan Livarcanındır. Hazırda Livarcanda gəncəlilərin əllidən artıq casusu vardır, – deyə xan bir ah çəkdi. – Ağa müxtəsərcə deyim ki, bu saat İranda kəndli də məzlumdur, mülkədar da məzlumdur. Çünki hökumət zəifdir, müdafiə edənimiz yoxdur. – Nə etməli. Uşaqlar böyümüşdür, qızlar da nişanlanmışdır, ərləri Tehranda böyük iş sahibidir. Burada yaşamaq imkanı olmazsa, yığışıb Tehrana gedə bilərəm, lakin bu bağlara, bu gözəl qəsəbəyə heyfim gəlir, xüsusən anamın yadigarı olan bu binanı buraxıb gedə bilmirəm. Biz bağçadan qayıdıb balkona çıxdıqda xanımlar da hamamdan gəlmişdi, oturub çay içdik. Çaydan sonra Hacı xan: – İndi də buyurun, anama atası Abbas Mirzədən yetişən mirasa tamaşa edin! – dedi. On iki otaq ziyarət etdim, hamısı döşənmişdi. Hacı xan yerə döşənmiş xalçaların tarixini oxuyurdu. Hacı xan digər bir otağı da açaraq: – Bu da rəhmətlik anamın otağıdır, bu otaqda olan şeylərin hamısı babamdan qalan şeylərdir, – dedi. Tarixi iki yüz ili keçən xalçaların rəngi belə solmamışdı. Böyük salona ancaq üç böyük xalı döşənmişdi. Kiçik və ipək xalçalar bükülüb güvə deməmək üçün tütünə qoyulmuşdu. Fil sümüyündən qayrılmış və ətrafına yaqut və firuzə düzülmüş qayət incə bir çarpayı qoyulmuşdu. Üstündə qələmkar yorğan, zərrin yastıq, qiymətli məxmər döşək olan bütün yatacağın hər tərəfi inci və zümrüd daşları ilə toxunmuşdu. Əntiqə şeylərdən birisi də Abbas Mirzənin qələmdanı idi. Qələmdanın üzərində Abbas Mirzənin Gəncəyə hücumu təsvir edilmişdi. Abbas Mirzənin müharibə səfərlərində boynuna həmayil etdiyi müzəhhəb Quran. Öz yazdığı əlli səhifəlik «Tarix-Nadir», öz əlilə çəkdiyi rəsmlərin və tabloların hamısı göndən tikilmiş bir sandıqçanın içində saxlanırdı. Atlaz bir boğçaya bağlanmış qəbalələr, məktublar, əl yazıları daha maraqlı idi. Abbas Mirzənin «Nayib» təxəllüsü ilə yazdığı bir çox şeirlərə təsadüf etdik. Şeirlərin əksəriyyəti türkcə idi. «Bunların heç birinin təzkirədə göstərilməməsinin səbəbi də türkcə yazıldıqları üçündür», – deyə Hacı xan bir ah çəkdi. Mən türkcə bir neçə şeirini yazdım, eyni zamanda Füzulidən təxmis etdiyi bir beşləməsinin də surətini götürdüm. Türkcə yazdığım şeiri bundan ibarətdi: Bəzmi-mey xali deyil, heç bir zaman əndişədən, Mey deyildir, əşki-həsrətdir süzülmüş şişədən. Ləblərimdə xun-nahaqdan haram olsun şərab, Bir də sənsiz badə alsam saqiyi-bədkişədən, Nayibi sərgəştəyəm, min dəfədir xərrati-eşq, Cismi-bimiqdarımı yonmuş, keçirmiş tişədən. Füzulinin məsnəvisindən müxəmməs halına gətirilmiş beşləməsi də: Eyləsə min tənə gər eşqimdə mərdu zən mənə, Eylə rüsvayəm ki, rüsvalıqdadır məmən mənə. Kimsədən qorxmam, bəla gəlsə gəlirindən mənə. «Karügər düşməz xədəngi təneyi düşmən mənə. Kəsrətü peykanın etmişdir dəmirdən tən mənə». Sinəmə min tirü düşmən dəysə olmaz karügər, Qətlimə ancaq o bir tək navəki-müjgan yetər. Mən şəhidi-xəncəri-fovladi-eşqəm müxtəsər. «Andanam rüsva ki, silab-sirişkim çak edər, Zəxm tiğin qanı geydirdikcə pirahən mənə». Fərqsizdir rəhmsiz dövranın eyşi-matəmi, Zəhridən aludə qılmışdır dəmadəm badəmi, İstirahətgahim olmuş sevdiyim eşq aləmi. «Eymənəm səngi məlamətdən kim alıb dövrəmi. Oldu zənciri-cünun bir həlqeyi ahən mənə». Zövqsiz dünyada bir zindanım olmuş hər cəhət, Nayibəm, tale mənə zindani görmüş məsləhət. Olmasa gər eşq təsirində hər bir məmləkət, «Ey Füzuli, odlara yansın büsati-səltənət Yeydir ondan haq bilir, bir guşəyi-gülxan mənə». Abbas Mirzənin canamazı, Fətəli şahın inci təsbehi, Məhəmməd şahın ənfiyadanı, qəlyanı, üzüyü, Abbas Mirzənin anasının boyunbağısı, qolbaqları, qızıl və bahalı daşlarla bəzənmiş araqçınları, üzükləri və sair şeyləri gözdən keçirdik. Şeylərin hamısına baxıb qurtarmaq mümkün olmadı. Hacı xan qoca olduğu üçün bunların barəsində məlumat verməkdən yorulmuşdu. Biz otaqdan çıxdıqda miss Hanna mənə dönərək: – Milyonlarla qiyməti olan bu tarixi sərvət daş otaqlar içərisində ölüb-gedir, – deyə təəssüf etdi. Buna hər kəs təəssüf edə bilərdi. Başqa otaqları da gəzdik. Əntiqə şeylərin həddi-hesabı yox idi. Hacı xan bir ah çəkərək dedi: – Dünyanın sərvəti babamın əlində idi: padşah onu göz bəbəyi kimi sevirdi. İran dövləti ilə işi olan hər bir hökumət qabaqca babama müraciət edərmiş. İndi isə onun övladı gəncəli Məhəmmədovların əlindən başını götürüb bir tərəfə qaçmağa hazırlanır. Zəmanənin üzünə lənət! * * * Biz bu gün çaydan sonra Livarcanın içərisinə çıxıb şəhəri seyr etməyi Hacı xandan rica etdik. O, Süleyman adlı bir xidmətçisini bizə qoşdu. Qapıda əllərində və yanlarında quzu, cücə, toyuq, yağ, qatıq, yumurta, meyvə və sair şeylər olan bir çox kəndlinin durduğunu gördüm. – Bunlar kimdir? – deyə nökərdən soruşdum. – Bunlar Hacı xanın rəiyyətləridir, xanın əziz qonağı olduğunu eşitdikləri üçün hədiyyə gətirmişlər. Bunların çoxu xanın satdığı kəndin rəiyyətlərindəndir. Onlar yenə də Hacı xanı öz ağaları bilir, həmişə də öz dərdlərini Hacı xana ərz edirlər. Xan da yaman gündə bunlara əl tutur, – dedi. – Hacı xanın gəliri çoxdurmu? – Sayını bircə Allah bilir. Yalnız Livarcanın gəliri xanın ölüsünə də bəsdir, dirisinə də. Xalisə torpaqlarından gəlir, rəiyyətlərindən vergi alır, öz bağları gəlir verir, rəiyyət bağlarından vergi alır, buzxana və hamamlardan qazanır, nə başını ağrıdım, karvansaralar, bütün bazar, dükan Hacı xanındır. Onlar da gəlir verir. Suların gəliri, çeşmələrin gəliri. Livarcan bazarı Ələmdar bazarından böyükdür. Həftəbazarına yüz kəndin adamı gəlir. Gələnlərin hamısı vergi verir. Ağa, müxtəsər ki, bura çox gəlirli yerdir. Bunun üçün də xanın düşmənləri buraya diş qıcadıblar. Küçələrdə dərviş oxuyurdu, ətrafına toplananlar bazar əsnafı və bir də işsiz-gücsüz adamlar idi. Çayxanalar, aşpaz dükanları başqa İran şəhərlərində olduğu kimi idi. Bazarı gəzib fikir verdim, bura bir şəhər həyatı keçirsə də, başqa şəhərlərin bazarında təsadüf edilən adətlərin bəzilərini burada görmədim. Tiryək çəkən yox idi, deyildiyinə görə, tiryək buraya sirayət etməmişdi. Nökərin dediyinə görə, burada qumarbazlıq çox intişar tapmışdı. Hətta başqa yerlərdən buraya qumar oynamağa gələnlər varmış. Məktəbə getdik, məktəb gözəl bir məsciddə yerləşirdi. Fəqət məktəbə lazım olan şeylərdən burada heç biri yox idi. Uşaqların döşəkləri qamışdan toxunmuş həsir üstünə salınmışdı. Pəncərənin qabağında qoyun dərisi salıb oturmuş müəllimin qarşısında ağ bir mərmər vardı, uşaqlar kitablarını bunun üzərinə qoyub oxuyurdular. Müəllim bizim yanımızda bir çoxlarının dərsinə qulaq asdı. Uşaqlardan birisi belə dərsini rəvan oxumurdu, onlar qorxur və şaşırırdılar. Dərs oxuduqları zaman bir gözləri axundun yanında qoyulmuş «tərbiyə alətləri»ndə – çubuqlarda və fələqqədə olurdu. Biz bunu müəllimə anlatdıqda o belə cavab verdi: – Əzzərb-zinətüttəlim – yəni kötək təlimin zinətidir. Biz yenə də Hacı xan sarayına qayıtdıq. Yenə də balkonda oturduq, poçt müdiri və Ələkbər yoldaş da gəlmişdi. Bir azdan sonra poçt müdiri: – Məşğuliyyət lazımdır! – dedi. Hacı xan nökərlərini çağırıb: – Qumar dəsgahını gətir, – deyə əmr etdi. Xidmətçi gümüş bir padnos gətirdi, padnosun içində bir dəstə qumar kağızı, bir də gümüşdən qayrılmış uzunsov bir qutu var idi. Hacı xan eynəyini çıxarıb gözlərinə taxdı, poçt-teleqraf müdiri qumar kağızlarını açaraq düzəltdi, sonra Hacı xan həmin gümüş qutunu açıb, içindən qızıldan qayırılmış, yaquta, zümrüdə, firuzəyə tutulmuş bir maşa çıxartdı. Mən təəccüb etdim. «Burada tiryək çəkilməyəcəkdi, əcəba, maşa kimə lazımdır?» – düşünürdüm. Oyun başlandı, Hacı xan qumar kağızlarına əl vurmayaraq, maşa ilə çevirirdi, o mənim heyrət etdiyimi duyaraq: – Mən ziyarətə getdiyim vaxt qumara əl vurmamaq üçün and içmişəm, bu barədə anamın qəbrinə də qəsəm etmişəm, anam mənim üçün Məkkədən də müqəddəsdir. Mən də anam kimi atamdan sonra doğulmuşam, doğulduğum gün anam da ölmüş, buna görə anam hər şeydən müqəddəsdir. Ona and içdiyim üçün qumara əl vurmayaraq, məşğuliyyət vaxtı maşa ilə çevirirəm, – dedi. Oyundan sonra mən miss Hanna ilə bərabər bağa endik. Xanın oğlanları, qızları və gəlinləri də bizə qoşuldu. Fətəli xan ruslardan, rus təbəələrindən şikayət etməyə başladı, yenə də kəndlərin söhbətini təzələdi. Biz bağçadan gec döndük. Hələ nahar süfrəsi salınmamışdı. Balkona çıxdıqda poçt xidmətçilərindən Rüstəmin məktub gətirdiyini gördüm. Məktub Səttar Zeynalabdinov yoldaşdan idi, rus Culfasından yazırdı. Məktubu sevinərək açdımsa da, oxuyarkən hamımıza bir qəmginlik üz verdi. Səttar yoldaş məktubu belə başlayırdı: «Hörmətli rəfiq! İki gün bundan əvvəl, yəni mayın 26-da burada böyük hadisələr baş verdi. Fəal yoldaşlarımız, bir sözlə, Culfada İran inqilabında çalışanların hamısı həbs olundu, Rzaqulu Nəcəfov, Tağı Yusifov, Ağa Məhəmmədhüseyn Hacıyev, Baxşəli ağa, Şahtaxtlı, Nəsrulla Şeyxov və başqaları həbs edilib, haman gecə Naxçıvana göndərildi. Mən jandarm idarəsində olan adamın vasitəsilə həbslərin kimin tərəfindən olduğunu öyrəndim, həbs edilənlərin siyahısını general Snarski vermişdir. İranda da həbslər ehtimalı vardır. Özünü gözlə, bilmirəm Təbrizə necə gedəcək və nə vasitə ilə yaşayacaqsan. Hər nə olursa-olsun, bu tərəfə qayıtma, mümkünsə o tərəflərdə bir az rahat ol. Min manat da rus parası göndərdim, məsarifdən müzayəqə etmə, məktubun cavabını tez yaz. Para lazımsa, yenə də göndərərəm. Məndən nigaran qalma. Cavabını alan kimi buradan rədd olub Bakıya gedəcəyəm. Təbrizə, Məşədi Kazım ağaya yazmışam. Ev, əşya və məsarif barəsindəki hər bir ehtiyacınız təmin ediləcəkdir. Təbriz yolu da açılmışdır. Getmək fikrin varsa, tez xəbər ver. Səttar, Culfa, 28 may 1909-cu il». Məktubun məzmununu elan etmədim. Ancaq yolun açılması münasibətilə miss Hannanı təbrik etdim. Rüstəmdən min manat alıb kağızını imzaladım. Nahar süfrəsi bitdi. Poçt müdirinə və Ələkbər yoldaşa məsələni anlatdım. Təbrizə getmək qərara alındı. Bakıdan gəlmiş məktubu da açdım. Bu məktub bizə bir qədər ümid verdi. İndi mən rusca «Kaspi», türkcə «İttifaq» qəzetlərinin xüsusi və məsul müxbirləri sifəti ilə Təbrizə gedə biləcəkdim. Gedəcəyimi Səttar yoldaşa bildirmək lazım idi, məktubu yazdım, yenə də poçt xidmətçisi Rüstəmlə göndərdim. Bir də Culfaya gedib oradan qayıtmaq qorxulu olduğundan Ələkbər yoldaş Şüca kəndindən fayton danışıb Livarcana gətirmək üçün adam göndərdi. Biz Səttar yoldaşa yazdığımız məktubun cavabını almaq üçün Livarcanda iki gün daha qalmalı idik. Ev sahibləri bütün yayı Livarcanda qalmağımızı rica edirdilər, lakin qalmağa nə mənim imkanım vardı, nə də miss Hannanın. * * * İki gün sonra Səttar yoldaşdan məktub gəldi. O belə yazırdı: «Mümkün olsa, Ələkbər yoldaşı da özünlə bərabər Təbrizə apar. Əmir Heşmət və onun qardaşları Əbülqasım və Mirzə Məhəmməd xan da Təbrizə getdi. Onların özbaşına hərəkət etməsinə imkan verməm. Çünki Əmir Heşmət başıpozuqluq sevən adamdır, özünə də bu barədə tapşırılmışdır. Səttar xanla sıx əlaqədə olmağını rica edirəm, ruslar onları aldada bilər. Nə cür olursa-olsun, Əmir Heşmətin Təbriz nəzmiyyə rəisliyinə təyin olunması üçün çalışın. Bu barədə Təbriz hakimi Cəlalülmülkün rizasını əldə edin. Sənin fikrini burada bir də müzakirə etdik, doğru fikirdir. Əlimizdə silahlı qüvvə olmalıdır. Qoşun rəisi Amanulla Mirzədən də istifadə etmək lazımdır. O, vətənçidir, sosial-demokratların xətti hərəkətinə kömək edir. Mənziliniz Məşədi Kazım ağanın evində olmalıdır. Dörd gün əvvəl gedən müsafirlər vasitəsilə ona məktub göndərmişəm. Dübarə 1500 manat da göndərdim. Amerikalı qıza hörmət edin, bəlkə, bizə lazım oldu, çünki amerikalılar rusların və ingilislərin düşmənidir. Amerikalı qız sizə hörmət bəslədiyini, hətta onu dərinləşdirmək istədiyini burada xanıma söyləmişdir. Hərgah ona rəğbətin olmasa belə, işimizin xatirəsi üçün məhəbbət göstərmək lazımdır. Zənnimcə, sən bunu bacararsan. Xanım da sizə və miss Hannaya salam göndərir. Səttar, Culfa, 29 may 1909-cu il». Miss Hanna içəri girərək məktubu gördü və şübhəli bir surətdə soruşdu: – Yenə məktub haradandır? – Culfadandır, Səttar cənablarından, – dedim. – Bizim ziyafətində olduğumuz hörmətli zatdanmı? – Bəli, xanım, özüdür ki, var. – Onun gənc xanımı məndə müsbət bir xatirə buraxdı, – deyərək onu xatırladı. – Xanım sizə xüsusi salam göndərmişdir. – Daha nə yazmışdır? – Sizə hörmət bəsləməyi, sizin məramınız xaricində hərəkət etməməyi tövsiyə etmişdi. – Daha nə yazmışdır? – deyə qız təkrar soruşdu. – Bir az da sizin ona dediklərinizdən yazmışdır. – Mən ona nə demişəm? – Səmimi yoldaşlığımız haqqında ona demədinizmi? Qız utandı və düşünərək: – Bilmirəm, xanıma dediklərimi o mənim özüm kimi ifadə edə bilmişdirmi? – soruşdu. – Zərər yoxdur, o ifadə eləmədiklərini siz özünüz də ifadə edər və öz səmimi məramımızı bir-birimizə yetirə bilərik, – dedim. – Siz xanımın tövsiyələrinə əməl edəcəksiniz? – O tövsiyələr olmadan belə mən sizin məramınız xaricində heç bir hərəkətdə bulunmamışam, yenə də bulunmayacağam... Siz mənimlə bir ürək dostu kimi səmimi danışa bildiyiniz halda, belə bir vasitəyə ehtiyac vardırmı? Balkonun bir tərəfində oturmuşduq. Qız başını çiynimə söykəyərək doluxsundu. Mən qızların bu ani və adi sevişindən olduqca nifrətlənirdim, hətta onun ağlaması və bu tezliklə sevməsi mənə çox saxta görünürdü. Ay sanki Kəmki dağının arxasından başını çıxardıb gecənin qoynunda üzən iki gənc qəlbi güdürdü. Onun uşaqları böyük fantanın səpintiləri arasında süzülüb sevmiş bir qəlb qədər saflanıb keçir, sərv ağaclarının budaqlarındakı dodaqlara sürüşərək balkonumuza yüyürür və miss Hannanın pənbə yanaqlarına əlvan bir şəkil verirdi. Livarcan yaylasının əyləndirici ruzigarı da miss Hannanın tellərini darayır, mavi gözlərinin üstünə toplayırdı. Bu vəziyyət bir yarım saatdan artıq çəkdi. Nəhayət, mən onun redikülündəki kiçik dəsmalını çıxarıb tellərini gözləri üzərindən kənara atmaqla göz yaşını sildim və: – Ağlamağa, lüzum yoxdur. Məramınız xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam, – dedim. Fayton gəlib çıxmışdı. Son gecəmiz idi. Səhər saat beşdə hərəkət etməli idik. Ələkbər yoldaş Mərənd şəhərini görməmək üçün dağlıq və kəsmə yollarla getməyi təklif etdisə də, amerikalı qızın o yollarla aparılmasını heç kəs məsləhət görmədi. Gecə söhbət əsnasında Hacı xan bizə müraciətlə: – Siz burada ikən bir çox şeyləri unutmuşdum, bir yerə yığılıb vaxt keçirirdik. Gəncəliləri belə yaddan çıxarmışdım, lakin sabahdan yenə də iki həftə bundan qabaqkı halıma düşəcəyəm, – dedi. – Siz nə üçün əcnəbi təbəəsi olmayırsınız? – deyə miss Hanna heç gözlənilmədən Hacı xana ciddi bir müraciətdə bulundu. – O bizə nə verə bilər? – Madam ki, bir əcnəbi təbəəsi sizin haqqınıza təcavüz edir, madam ki, məhəlli hökumət də bunun qarşısını almaqda acizdir, siz də o zalım əcnəbi təbəəsinin qabağında başqa bir əcnəbi dövlətin himayəsini qoya bilməzmisiniz? Sizin icazəniz olursa, mən bir həftədən sonra sizi Amerika təbəəliyinə qəbul etdirər və əmlakınızın müdafiə vasitələrini hazırlaram. Hacı xan: – Xeyr, yaramaz, – dedi, – Amerika güclü və nüfuzlu dövlətdir. İran hökumətinə də xeyirxahdır, sizdən də çox razıyam, lakin bu dediklərinizə mənim vicdanım razı ola bilməz. Mən iranlıyam, vaxtilə bizim babamız bu məmləkətin başında durmuşdu, indi isə kimimiz var: ruslarla baş-başa vuran Ağa Məhəmməd Qacar yox, Abbas Mirzə yox, Qacar xanədanı indi bir qoca arvaddan da acizdir, xalq arasında hörməti yoxdur. Məmləkətin cilovu mollaların əlində, mollalar isə çar hökumətinin xidmətindədir. Belə bir zamanda əcnəbi təbəəsi olmaq namussuzluqdur. Torpaq yenə də kəndlilərindir. Hərgah əcnəbi təbəəsi onu soyursa, o da müvəqqəti işdir. Eybi yoxdur, qoy uşaqlar az xərcləsinlər. Nə miss Hanna, nə də mən Hacı xana başqa bir cavab verə bilməzdik. Mən ancaq bunu deyə bildim: – Əqidə hər şeyə hakimdir. Fikirlərinizin bir çox cəhətlərinə şərik də ola bilərəm. Doğrudur, torpaq hər kimin olursa-olsun, nəhayət, o kəndlinindir. Hərgah kəndli bu gün əzilməyə, istismara razı olur, sabah razı olmayacaqdır. Hacı güldü: – Bilirəm, nə demək istəyirsən, hələlik torpağı idarə edə biləcək kəndlilər İranda doğulmamışdır. Kəndlilər hər şeydən artıq dinçidir. Torpağı kəndliyə vermək mülkədarların işi deyil, kəndlinin öz işidir, onun özü haqqını istəməlidir. Bu məsələ hökumətin quruluşu ilə əlaqədardır. Hökumət quruluşu mədəni deyil, ibtidai quruluşdur. Bu quruluş ağasız rəiyyəti idarə etməkdən qorxur. Bəlkə də, acizdir. Buna görə də hökumət müxtəlif xasiyyətli və milyonlarca rəiyyəti tanımaqdansa, müəyyən bir miqdarda mülkədarı sevir, çünki bunlarla anlaşmaq daha asandır. Mülkədar, hətta böyük mülkədar olan Hacı xanın hökumət quruluşu barəsindəki fikri qismən doğru idi. Lakin o, hökumətin mülkədarlar hökuməti olduğunu bir dürlü anlamırdı. O bilmirdi ki, İranda torpaq məsələsini həll etmək hazırkı hökumət quruluşu və hazırkı parlaman üsulunun həll edə biləcəyi məsələ deyildi. Torpağın kəndliyə verilməsi, hökumət quruluşunu, yəni mülkədar hakimiyyətinin kökündən dəyişməsini tələb edirdi. Parlamanda oturan, hökumət kabinetini təşkil edən, hətta Təbrizdə bizimlə yan-yana əks-inqilabla mübarizə aparan bir çox rəhbərlər də torpaq məsələsini əsaslı surətdə həll edə bilməyəcəkdilər. Kəndli azadlığı, kəndli hakimiyyəti onları da qorxudurdu. Çünki, hər şeydən əvvəl, onlar da mülkədar idilər. Hər halda, mən Hacı xanın söhbətlərindən belə bir qərar çıxara bildim: xan torpaqlarının rəiyyət əlinə keçməsindən razıdır, lakin bu razılıq onun sinfi mənafeyi ilə əlaqədar idi. Xan öz düşmənləri ilə mübarizədə acizdir, hökumət də onu müdafiə edə bilmirdi, bunun üçün də hələlik rəiyyətin tərəfində durmağa məcbur idi. Bunu xan özü açıq-açığına etiraf edirdi: – İndi ki, torpaq öz həqiqi sahiblərinin əlindən çıxır, qoy yazıq rəiyyətin əlinə keçsin! Şeylərimizi yığışdırdıqda Hacı xanın kiçik qızı İrandüxt gümüş bir qutu gətirdi və miss Hannaya verərək: – Anam bu kiçik hədiyyəni qəbul etməyi və şeylərinizin arasına qoyub bizdən yadigar aparmanızı rica etdi, – dedi. Miss Hanna üzümə baxaraq hədiyyəni aldı. Onun ehtiyatla hərəkət etdiyini görüb: – Alınız, xanla tanış olan hər əziz qonaq ondan hədiyyə almalıdır, – dedim. İrandüxt getdi, gümüş qutu açıldıqda amerikalı qızın Şərqdən mühüm bir yadigar apardığının şahidi oldum. Qutudakı hədiyyə: iki parça firuzədən qayırılmış iynə qabı, qaşdaşlarla işlənmiş altın üskük, yenə də qiymətli daşlarla zinətlənmiş bir kirşan qabı, bir də fil sümüyündən düzəlmiş altun milçədən ibarət idi. Amerikalı qız bu qiymətli hədiyyədən göz götürə bilmirdi. O, qutudakı incə və nadir şeyləri bir-bir nəzərdən keçirirdi və: – Aman Allah, mən yuxumu görürəm? Mən bunları röyamda da belə görsəydim, inanmazdım, – deyirdi. Qız bu hədiyyənin bəxş etdiyi nəşə ilə xeyli xumarlandıqdan sonra mənə dönərək: – Dünən gecə mənə balkonda dediyiniz sözlər yadınızdadırmı? – deyə soruşdu. Mən onun nə dediyini bildiyim halda: – Hansı sözlər? Yadımda deyildir, – dedim. Qız yavaşca: – «Sizin məramınız xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam», – deyərək şeyləri toplamağa məşğul oldu. Məndən gözlədiyi cavab təxirə düşdüyündən qalxıb dışarı çıxmaq istədi. Mən onun qabağını kəsib: – Yadımdadır, əziz dostum, yadımdadır, – dedim, o, başını qaldırıb mənə baxdı, ağlamaq üzrə olan gözlərinin gülməyə başladığını gördüm. * * * Təbriz yollarında Şeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və: – Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi. Gün çıxarkən biz Təbriz şose yoluna düşmüşdük. Qarovul postlarının arası çox yaxın idi. Postların qabağından keçdikdə: – Ey, day papiros! – sözlərindən başqa bir söz eşitmirdik. Keçmişdə gördüyümüz çayçı dükanlarının hamısı qarovul postuna çevrilmişdi, çar soldatlarının qorxusundan bir dənə də olsun çayçı dükanı qalmamışdı. Biz Dərədizdən keçdikdə soldatlar yaş meyvə aparan bir kəndlinin yükünü dağıdırdı. Kəndli güc-bəla ilə səbətləri açıb yerə saldı və uzunqulağını bizləyib qaçdı. Gəzmə kazak dəstələrinə rast gəlirdik, bunlar da kiçik karvanlara soxulur və «na çay» tələb edirdilər. Onnəfərlik bir kazak dəstəsi faytonumuza yanaşdı. Bizi diqqətlə gözdən keçirdilər. Miss Hannanın və mənim iranlıya oxşamadığımızı görüb Ələkbər yoldaşa müraciət etdilər: – Ey, pers! Tı Sattar xana znayeş? Ələkbər yoldaş rusca çox gözəl danışa bilirdi, lakin özünü bilməzliyə vurub: – Mənim Səttar xan-məttar xan bilməz, mənim ərəseydən idyot! – dedikdə kazak: – Malodes pers, dayte na çay! – dedi. Yenə də Ələkbər yoldaş özünü bilməzliyə vuraraq dedi: – Mən çay içməz, vina da içməz: arax da içməz, namaz rabatay. Sən snayiş? Mənim müsəlman. Kazaklar əl çəkməyib «na çay» sözünü Ələkbər yoldaşa başqa bir üsulla qandırmağa başladılar. Birisi əlini döşünə qoyub dedi: – Sənin pul ver, mənim çay içər. Potom gedər, Təbrizə gedər, kuda istər gedər. Bundan sonra Ələkbər yoldaş kazakları beş qran İran parası ilə razı saldı. Bütün yolu bu cür hadisələrlə başa verdik. Amerikalı qız uzaqdan çar soldatlarının başını gördükdə gizlənməyə yer axtarırdı. Günəş qərbə doğru irəliləndikcə Mərənd şəhərinin uzaqdan görünən qaraltısı da get-gedə böyüməkdə idi. Mərənd şəhəri keçmişdə gördüyüm şəhər deyildi, şəhərin ətrafında ehramlar kimi biri-digərinin yanına düzülmüş əsgər çadırlarının həddi-hesabı yox idi. Şəhərin küçələrində süvari və piyada qoşun hissələri qarışqa kimi qaynaşırdı. Bir hadisə baş verərkən hərəkət etmək üçün məhəllələrin bir çoxu sökülürdü. Ətrafda soldat qışlaları da tikilirdi. Şəhərin hər tərəfində telefon xətti düzəlmiş və Mərənd şəhərinin həyatı cəbhə həyatı şəklini almışdı. Biz poçt rəisi Əhməd xan Müqəymüddövlənin evində düşəcəkdik, Culfadan ona teleqrafla xəbər verilmişdi. Əhməd xanın evinə yetişdikdə qaranlıq düşmüşdü. Bizi gözləyirmiş kimi fayton qapıda dayanan kimi xan dışarı çıxdı. Tanış olduq. Qulluqçuları şeylərimizi faytondan götürdülər. Miss Hannanın vəziyyəti yaxşı deyildi, yol isti idi, xüsusən axşam Mərəndə yetişmək üçün faytonçu çox sürətlə sürmüşdü. Əhməd xan həkim çağırmaq istədisə də, qız razı olmayaraq qulağıma yavaşcadan: – Vanna olsaydı, çimsəydim, bəlkə, rahat olardım, – dedi. Əhməd xan məsələni anladı: – Ev hamamını hazırlatdırmışam. Gözəl vannası da vardır. Yoldan gəlib yorulduğunuzu bilirdim, – dedi. Sonradan otağa getdi, çox keçmədən xidmətçi qadın əlində ağ bir boğça olaraq çıxıb bağçanın o biri başındakı hamama tərəf getdi. Biz hələ balkonda oturmuşduq. Xanın arvadı da başında ağ çadra olduğu halda dışarı çıxaraq bizimlə tanış oldu və miss Hannanın tellərinə əlini gəzdirərək: – Gəl qızım, gəl, qorxma, rahat olarsan, – deyə hamama apardı. Bizim hamımızın yaxalanması iki saata qədər çəkdi. Hamamdan razı qaldıq. Biz İran evlərində belə mədəni hamam olduğuna heç də inanmazdıq. Çay masası balkonda qoyulmuşdu. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıq idi. Onun dediyinə görə, Mərənd şəhərinin evləri tamamilə bağlıq və bağçalıq içindədir. Amerikalı qız yalnız bir stəkan çay içə bildi. Çox xəstə idi. Mən: – Bəlkə, siz rahat olmaq istəyirsiniz? – dedikdə, o: – İcazə versə idiniz, rahat olardım, – dedi. Əhməd xan ayağa qalxdı. Məni özü ilə bərabər götürdü, üç döşənmiş otaq göstərdi: – Xanım üçün hansı birisini məsləhət görürsünüz, buyurub rahat olsun, – dedi. Mən miss Hannanın özünü çağırıb məsləhət etdim. – Hansı birisi olursa-olsun, – deyə miss Hanna ikinci otağa keçdi. Xanın xidmətçisi olan gənc qız da onun sərəncamına verildi. Xanın arvadı da tez-tez onun otağına girir və səhhətinin nə yerdə olduğunu Əhməd xana xəbər verirdi. Xanın övladı yox idi. Əlli yaşında gözəl, qarasaqqal, qarabəniz kişi idi. Arvadı da özü yaşda idi. Hər ikisi kirmanlı idi, farsca danışırdılar. Xanın inqilabçı olduğunu və nəslinin də İran inqilabı və İranın təcəddüd tarixində tanınmış bir nəsil olduğunu mənə Culfa poçt rəisi söyləmişdi. Axşam yeməyində özümüzdən başqa heç kəs yox idi. Xan xörəkdən sonra üzr istəyərək: – Sizin şərəfinizə böyük ziyafət vermək lazım idi, – dedi, – bir səbəbə görə mən bundan vaz keçdim, çünki başqa adamlar olsa idi, səmimi söhbətlərimizə mane olacaqdılar. Bir də budur ki, adamlara etibar yoxdur. Şəhərin əksəri çar xəfiyyəsidir. Əmmaməlidən başlayıb börk geyənlərə qədər casusluqdan həzz alır, bu da Mərənd xalqında bir xüsusiyyətdir. Bunu inqilab zamanı da gördük. O zaman hər yer məşrutə tərəfində durdusa da, Mərənd əks-inqilab quyruğundan qopmaq istəmədi. İnanınız ki, bu namussuz şəhərdə tənha yaşamaqdayam, ürəyim qızacaq bir kimsə yoxdur. Hökumət başında oturandan, minbər başında oturana qədər inqilabın düşmənidir. Burada bir klub açılmışdır. Şəhərin tacirləri, əyanları, hökumət qulluqçuları və çar tərəfdarlarının hamısı bu kluba getməyə məcburdur. Orada çar zabitləri ilə tanış olmaq və satılmaq üçün əlverişli vasitələr vardır. Klubun və eyni zamanda zabitlərin yemək xərcləri mərəndlilərdən tutulur, şəhərin valisi belə istəyir. – Vali kimdir? – deyə soruşdum. – Məşrutəçilərin bombası ilə partladılmış Şüca Nizamın oğlu Müsərriza xandır, – deyə xan cavab verdi. – Onu kim vali təyin etmişdir? – Çar hökuməti. Çünki çar ordusu Araz çayını keçdikdə o, qurbanlar və hədiyyələrlə istiqbala çıxdı, general Snarskinin atının cilovuna düşüb evinə gətirdi, onun üçün də Mərənd hakimi təyin edildi. Ruslar hər işə əl uzatdı. Beynəlmiləl qanunları pozdular. İkinci «İnternasional»a ərizə verdiksə də, bir şey çıxmadı. Əhməd xan sözünü bitirdi. Mən onunla danışmağa maraqlanırdım, çünki onun gənclikdən bəri inqilabi hərəkata qoşulduğunu eşitmişdim. Buna görə də bir neçə cümlə söyləməyə icazə istədim və yavaşca dedim: – Əziz yoldaş Əhməd xan! Rusların beynəlmiləl qanunları pozmasından şikayət etməyə lüzum yoxdur. Çünki beynəlmiləl qanunlara baxan bir hökumət özgənin məmləkətinə soxulmaz. İkinci «İnternasional»ın da sizə bir köməyi ola bilməzdi, çünki o da kapitalistlərin bir cür istismar orqanıdır. Vaxtilə çinlilər də rusların əlindən Avropa kabinələrinə şikayətdə bulunub onların beynəlmiləl qanunları pozmasını göstərirdilər. Lakin onlar Çin hökumətinin ərz-hallarını açıb oxumadan zibil yeşiyinə buraxırdılar, çünki bir dövlət tərəfindən yapılan həyasızlıqda o biri dövlət də iştirak edir. İstər Uzaq Şərq, istərsə Yaxın Şərq məsələlərində olsun, bütün imperialist dövlətlərin fikri birdir, yalnız bir fərq varsa, o da təqsim məsələsindədir, biri artıq götürməyə, digəri isə az hissə almamağa tələsir. Bu kimi xəyanətləri və həyasız istilaları boğmaq üçün bütün ölkənin kütləvi üsyanı lazımdır. Hələlik böyük dünya hadisəsi də uzaqdır. İngiltərə-Yaponiya ittifaqı düzəlmişdir, rəqabət müvəqqəti də olsa, aradan qalxmışdır. İran işlərində də İngiltərə–Rusiya sazişi mövcuddur. Almaniyanın İngiltərə–Fransa–Rusiya əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. Odur ki, deyirəm, böyük dünya hadisəsi uzaqdadır. Bir sözlə, demək olar ki, ruslar da İranda qalacaqdır. Digər bir məsələ daha vardır ki, o da İran inqilabının dünya inqilabi təşkilatları ilə əlaqə bağlamasına mane olmuşdur. Əhməd xan burada diksindi və: – O məsələ hansıdır? – deyə soruşdu. – Dinləyin, əziz yoldaşım, – dedim, tariximiz çox uzun, inqilabi tariximiz isə çox qısadır. Təcəddüd tariximiz dini mahiyyətdə və ittihad-islam şüarları ilə başlandığından beynəlmiləl inqilabçı təşkilatların diqqət nəzərini cəlb edə bilməmişdir. Biz burada misal üçün İranın təcəddüd tarixində görkəmli bir yer tutan Mirzə Ağa xan Kirmanlını götürə bilərik. O, inqilab məsələsinə din, məzhəb və ittihad-islam məsələsini bir yerdə həll etmək istəyirdi. Və ya onun yaxın rəfiqi və İran hökumətinin düşməni olan Şeyx Əhməd Ruhini götürmüş olursaq, yenə də o dini, məzhəbi inqilab şüarları ilə bir yerə qarışdırmaqdan əl çəkə bilmirdi. Bunların rəhbəri olan Seyid Cəmaləddin Əfqaninin özü də ittihad-islam əsasında bir inqilab yaratmağa çalışırdı. Əlbəttə, bu hərəkatın beynəlmiləl inqilabçı təşkilatlarla heç bir əlaqəsi ola bilməzdi. Buna görə də Əhməd Ruhi və İstanbul konsulu Mirzə Həsən xan Xəbirülmülk, Ağayi Kirmaninin öldürülməsi ilə onların başladığı hərəkat da bitdi. Xan təəccüblə: – Nə üçün? – deyə soruşdu. – O hərəkata inqilab hərəkatı demək doğru deyildir. Hazırkı inqilab haman qarmaqarışıq inqilabın davamı olsaydı, Qafqaz işçi sosial-demokratları da ona qoşulmaz və yardım verməyi öhdəsinə götürməzdi. – Xeyr, məncə, bu, doğru deyildir, – deyə xan etiraz etdi. – Şeyx Əhməd Ruhi kimi simaların adını inqilab tarixindən çıxarmaq, onları yalnız təcəddüd tarixində göstərmək doğru deyildir, – dedi. – İttihad-islam hərəkatı başqa, sinfi mübarizə hərəkatı isə başqadır. Bunları bir-birinə qarışdırmaq olmaz. Şeyx Əhməd Ruhinin xüsusi möhründəki şüarı mənə oxuya bilərsiniz? Xan: – Xeyr! Oxuya bilmərəm. – Daiyü ittihad-islaməm, Əhmədü Ruhi amədə naməm. Cənab xan, indi gördünüz ki? İstər Şeyx Əhməd, istərsə onun yoldaşlarının fəaliyyət tarixi ittihad-islam hərəkatının tarixi ilə əlaqədardır. Bunlar intibah tarixinin müəssisləridir. Bunlar yeni fikir meydana atmışdılar, fəqət bu fikir islam mühitinə aid bir fikir olduğundan beynəlmiləl bir əhəmiyyət qazana bilməz və beynəlmiləl işçi təşkilatlarının məhəbbətini əldə edə bilməzdi. Buna baxmayaraq, mən Şeyx Əhməd Ruhi və yoldaşlarını tarixi bir sima olaraq böyük bir maraqla öyrənməyə çalışmışam, onların Qacar xanədanı əleyhinə çalışması və Qacar cəlladları tərəfindən öldürülməsi də İranda özlərinə qarşı bir hüsnü təvəccöh oyandırmışdır. Bunu da əlavə etməlidir ki, təriqət, əqidə, təfriqə yuvası olan İranda ittihad-islam fikrini aralığa atmağın özü də bir müvəffəqiyyət sayılmalıdır. Lakin bu fikir İranda doğulmuş orijinal bir fikir deyildir. Bu fikir Əbdülhəmidin fikridir. Vaxtilə ordusu, donanması və əsgəri ilə Avropanı titrədən Osmanlı dövləti Avropa və Asiyada öz nüfuzunu itirdiyi zaman Əbdülhəmid dövründə ittihad-islam fikri kimi çürük bir fikri meydana atdı və onunla da islam dünyasını öz ətrafında toplamaq fikrinə düşdü. Seyid Cəmaləddin, Əhməd Ruhi, Ağa xan da Əbdülhəmidin siyasətini davam etdirdilər. Xan bu sözümə də etiraz edərək: – Xeyr, – dedi – onların fikri Əbdülhəmidin fikri olsaydı, Əbdülhəmid onları İstanbulda həbs etdirib İran hökumətinin bıçağı altına verməzdi. – Bunun da başqa bir səbəbi vardı. İstanbulda Əbdülhəmidə qarşı erməni üsyanı başlandığı vaxt Şeyx Əhməd Ruhi, Xəbirülmülk Mirzə Həsən xan, Mirzə Ağa xan Kirmani də həmən hərəkatda iştirak etməkdə ittiham edilirdi. O vaxt İstanbul səfiri olan Əlaülmülk fürsətdən istifadə edərək, onların İranda da şaha qarşı sui-qəsd hazırladığına aid vəsiqələr göstərdi, onların, ümumiyyətlə, tacü-təxt düşməni olmasına Əbdülhəmidi inandırdı, bunun üçün də Əbdülhəmid öz dostlarını tutdurub İranın əlinə verdi. Zatən tacü-təxt sahiblərindən belə hərəkətlər gözləmək çətin deyildir. Gecə keçirdi. Faytonçu gəlib səhər faytonu nə zaman qoşacağını soruşdu. Mən qəti bir söz deyə bilmədim, çünki amerikalı qızın səhhətinin nə vəziyyətdə olduğunu bilmirdim. Xan arvadını çağırtdırıb miss Hannanın otağına göndərdi. Qızın şiddətli hərarəti olduğu məlum oldu. Bu səbəbə də xan sabah getməyimizi məsləhət görmədi. Faytonçunun məsarifini və artıq kirayəsini öhdəmizə götürdük, razı qaldı, xan da bir gün artıq qalacağımızdan sevindi. * * * Səhər çayından sonra şəhəri və bazarı dolaşmaq üçün çıxdıq. Amerikalı qız da özünü yaxşı hiss etdiyi üçün bizimlə bərabər çıxdı. Şəhər çoxdan bəri çar Rusiyasına ilhaq olunmuş bir şəhər vəziyyəti almışdı. Çar soldatlarının adi söyüşləri, küçədən keçənlərə öcəşməsi, qadın görürkən: «Bacı, sənin ər var?» deməsi, dükançıdan mal alıb pulunu verməməsi, pomidoru tabaqdan götürüb baqqalın üzünə vuraraq gülməsi adi bir hal yerinə gəlmişdi. Yolumuz baqqalbazardan düşmüşdü. Buranın süd, qatıq və sair ağartısatılan bazarı başqa şəhərlərə görə qayət zəngin idi. Biz qoca bir baqqalın dükanı qabağında durub qaymağa baxırdıq, bu halda bir köpək başını qatığa uzadıb yalamaq istədi. Baqqal yanındakı ağacla köpəyi vurub qovdu. Köpəyin səsinə çar ordusunun alay komandanı nişanını daşıyan bir zabit gəldi və baqqalı söyərək, köpəyin yalamaq istədiyi qatığı qabı ilə götürüb baqqalın başına vurdu. Baqqalın başı yarıldı, qanı qatığa qarışaraq axıb saqqalından aşağı töküldü. Zabit söyürdü, lakin söyüşlər yalnız baqqalın deyil, ümumiyyətlə, «mədəniyyətsiz» və «vəhşi» şərqlilərin ünvanına idi. Zabitin əli qatığa batmışdı, bir nəfər avropalı qiyafətində olan yerli tacir zabitə yanaşdı, onun iranlı olduğu ancaq başındakı nazik və mahud börkündən anlaşılırdı. O, cibindən ağ dəsmalını çıxarıb: – Əfv edərsiniz, bizimkilər eşşəkdirlər, – sözünü rusca dedikdən sonra zabitin qatığa bulaşmış barmaqlarını silmək istədi. Hirslənmiş zabit isə qatıqlı barmaqları ilə ona bir şillə vurub: – Rədd ol, – deyə söydü. Tacir əlindəki dəsmalı ilə üzünü sildi və yaltaqlıqla zabitdən üzr istədi. Sonra tacir də baqqala yanaşıb söyməyə başladı: – Alçaq, sən bilirsən ki, bunlar bizim əziz mehmanlarımızdır. Sən necə cürət edib ağanın itini döyürsən? – deyə tacir zabitin üzünə baxır və onun razılığını qazanmağa çalışırdı. Bundan sonra daha birisi baqqala yanaşdı: – Özləri də qonağımızdı, itləri də əzizimiz və gözümüzün işığıdır. Baba, anlamamışıq, ağanın itini Mərənd iti bilib haqqında ədəbsizlik eləmişik. Yoxsa bizim babamız da bu qələti eləməzdi, yəni biz elə ədəbsiz olduq ki, ağanın itindən bir qab qatığı da əsirgədik? – deyə zabiti razı salmağa çalışdı. Zabit isə hələ söyürdü, lakin bu söyüşlər bizə yabançı deyildi, bunları biz çar zabitlərindən hər yerdə eşitmişdik. – Vəhşi şərqlilər, azyatlar, zavallılar! Daha Səttar xan yoxdur. Əlahəzrət çarın zabitləri sizi lazımınca tərbiyə edər, özünüzdən min kərə mədəni və şərəfli olan nəcib köpəyi vurmağa haqqınız yoxdur. Bu hərəkət bizə qarşı bir üsyandır. Baqqal da yalvarırdı: – Ağa, başına dönüm, belə ayaqlarının altında qurban kəsilim, anlamamışam, bir qələtdir, öz ölübə-ölümlə eləmişəm. Mən kasıb babayam, bəs qatığın pulu necə olsun? Baqqalından tacirinə, ziyalısına qədər yaltaqlığa alışan bir xalqı seyr etdikdən sonra məni bir iranlı kimi tanıyan miss Hannanın üzünə baxmağa utandım. Zabit yerə tökülən qəzetlərini qaldırdıqda gözüm «Novoye vremya» qəzetinə sataşdı. Qəzetin adresi «Təbriz Erivanskaya quberniya» deyə yazılmışdı ki, bu da dargözlər və xuliqanlar qəzeti olan «Novoye vremya»nın Təbrizi İrəvan quberniyasına ilhaq etmək arzusunda olduğunu göstərirdi. Zabit getdi, miss Hanna yanındakı fotoaparatı ilə baqqalın haman vəziyyətdə fotoşəklini çəkmişdi. Bu hadisədən sonra artıq bazarı və şəhəri gəzmək həvəsindən düşdük. Miss Hannanın da çox mütəəssir olduğu görünürdü. O mənə müraciətlə: – Bu yerlərin mühüm bir ehtiyacı vardır, – dedi. – O da ümumi və silahlı üsyandan ibarətdir. Bu əsirlik və kölələk həyatıdır. Bu vəziyyəti yalnız Afrika vəhşilərinin həyatında görmək mümkündür. Çar ordusunun bu hərəkəti dinc və üsyansız ölkəni müharibəsiz işğal edən bir ordunun hərəkətinə bənzəmir. Bu hərəkətləri yalnız illər uzunu mühasirə altında qalmış və böyük tələfatlar nəticəsində olaraq süngü gücünə alınan bir ölkənin xalqına tətbiq etmək olar. Çar ordusu nə qədər tərbiyəsiz bir ordu imiş! Miss Hanna həyəcan içərisində idi. Müqəymüddövlə də qəzəbindən titrəyirdi, mən isə qızın silahlı üsyan təklifi üzərində düşünürdüm. Bu kiçik gəzintidən aldığımız təsir hər ikimizi düşündürməyə başlamışdı. Evə qayıtdıqdan sonra da söhbətimiz bu məsələ ətrafında cərəyan etdi. Miss Hanna çox həyəcanla danışırdı: – Mən müstəmləkə ölkələrində olmamışam, yalnız qəzetlərdə oxumuşam. Bəzən müstəmləkə xalqı barəsindəki cəza qanunlarını oxuduqda müstəmləkəçiləri haqlı hesab edirdim. «Bəlkə də, böyük və mədəni dövlətlər vəhşi millətləri tərbiyə üçün başqa üsul tapa bilmirlər», – deyirdim. Ancaq onu deməliyəm ki, bu kimi qanunlar, bu kimi qabalıqlar, hansı bir hökumət tərəfindən icra olunarsa-olsun, yenə də mən onun düşməniyəm. Vətənim olan Amerika belə hərəkətlərdə bulunsa, onun da düşməniyəm. Mənə inanın. Mən sizə inandığım kimi inanın. Mən sizə inanmasaydım, üç həftədən bəri sizin namusunuza, vicdanınıza sığınmazdım. Siyasi məsələlərə qarışmaq istəmədiyim halda, gördüklərim mənim fikirlərimi alt-üst etdi. İnanınız ki, mən inqilabçılara haqq verirəm. Mən onlara düşmən deyiləm. Mən onun sözlərini diqqətlə dinləyir və öz-özümə: «tezdir, inqilabçı olsan belə, hələ tezdir» deyirdim. Nəhayət, qızın cavabını verməyə məcbur oldum. – Səmimi Hanna, mən sizin birinci cümlələrinizi doğru və yerli hesab edirəm. Bu yerlərin ümumi bir ehtiyacı vardır ki, o da kütləvi və siyasi üsyandan ibarətdir. Mən sizə inanıram, siz də mənə inanmışsınız. Lakin bu azdır, biz öz fikirlərimizin doğru və səmimiliyini işdə göstərməliyik. Biz dayandırılmış, müvəqqəti sükuta məcbur olmuş inqilabın ana yurduna gedirik. Bizim vəzifəmiz, siyasətdən uzaq olsa da, çar siyasətinin bir çox səhnələri bizi inqilabçılara hüsnü təvəccöh bəsləməyə məcbur edəcəkdir. Lakin quru hüsnü təvəccöh bəsləmək inqilabçılıqdan çox uzaqdadır. Siz burada yalnız çar müstəmləkəçiliyi ilə üz-üzə gəldiniz, məsələ isə daha genişdir. Kapitalist dövlətlərinin hamısı müstəmləkəçidir, onların hərəsinin özünəməxsus bir müstəmləkə üsulu vardır. Misal üçün İngiltərəni götürəlim: Şərqin bir çox ölkələri İngiltərə müstəmləkəsidir, lakin ingilis əlində olan bütün ölkələrin öz sultanı, padşahı, əmiri, racəsi, mehrazəsi öz yerindədir. İngilislər bu dövlətlərin adını «dost dövlət» qoymuşdur. Əslində isə bu üsul müstəmləkəçiliyin ən qəddar, hiyləgər və müstəbid bir formasıdır. Burada ingilislər müstəmləkə xalqlarını öz doğma ağaları vasitəsilə istismar etmiş olurlar. Müstəmləkə xalqı isə ikiqatlı bir təzyiq altında inləyir. Onun qanını bir tərəfdən öz ağaları, digər tərəfdən İngiltərə imperializmi sorur. İngilislər ruslar kimi vəhşi müstəmləkəçilərdən daha çox qazanırlar. Bunların pəncəsindən qurtarmaq Rusiya pəncəsindən qurtarmaqdan daha çətindir. Fransanın və İtaliyanın müstəmləkə siyasətində də başqa üsullar vardır. Yalnız hər bir imperialist dövlətin deyil, bəlkə də, bu dövlətlərin əlində olan hər müstəmləkənin də xüsusi bir siyasəti vardır. Rusiyadan başqa hər bir müstəmləkəçi dövlət öz müstəmləkələrini təbəqələrə ayırmışdır. Məsələn, Kanadada başqa, İrlandiyada başqa, Ərəbistan, Hindistanda isə başqa siyasət aparılır. Bu başqalıq hər bir ölkənin siyasi və mədəni səviyyəsi etibarilə təyin edilir. Sizin Amerikada da belədir. Şimali amerikalılara verilən hüquq Cənubi amerikalılara verilmir. Hələ amerikalıların yerli zəncilər haqqındakı siyasəti də Rusiya siyasətinə nisbətən daha qaba, daha amansızdır. Müstəmləkəçilik zülm və istibdadı yalnız İranda deyil, bütün dünyada üsyan tələb edir. Üsyanı təxirə salan bir səbəb varsa, o da xalqların mədəniyyətsizliyi və şüursuzluğudur. Siz bugünkü başı yarılan, lakin başının deyil, beş şahılıq qatığının qeydinə qalan baqqalı, bir də zabitə yaltaqlanan şəhər aristokratını misal götürə bilərsiniz. Belələri nəinki üsyan etməz, hətta üsyançıların düşmənlərinə belə satıla bilər. İran kəndli, bazar əsnafı və tacir ölkəsidir, burada mütəşəkkil yoxsul və fabrik-zavod işçiləri yoxdur. Mənə və sizə gəlincə, biz inqilaba hüsnü təvəccöh bəsləyirik, lakin bizim hüsnü təvəccöh bəslədiyimiz inqilab məzlumların və yoxsulların azadlıq uğrundakı mübarizəsindən ibarətdir. Mənim kimi tacirlər və liberal ziyalılar bu mübarizəyə qismən şərik ola bilərlər, inqilab onların mənafeyinə toxunmağa başlar-başlamaz, heç şübhəsiz, soyumağa və geriləməyə başlarlar. Miss Hanna başı ilə sözlərimi təsdiq edərək düşüncəyə daldı. * * * Axşam qapı vuruldu, biz sevindik, çünki Əlekbər yoldaş səhər yeməyindən sonra gedib bu vaxta qədər evə qayıtmamışdı. Xidmətçi qapalı bir məktub gətirdi, xan məktubu açıb oxuduqdan sonra fikrə getdi. Mən ondan: – Nə üçün fikrə getdiniz? Bir xəbərmi vardır? – deyə soruşdum. – Yaxamdan əl çəkməyir. Yenə də hakim məni kluba dəvət edir, – deyə şaşırmış bir adam kimi üzümə baxmağa başladı. – Gedin, nə eybi var, – dedim. – Qonaqlarınızı da özünüzlə gətirin, – deyir, bilmirəm, nə edim? həyasız özü üçün cəmiyyət hazırlamaq istəyir. – Klub təmizdirmi? – Çox təmizdir, lakin oradakı cəmiyyətdən xoşlanmıram. Oraya çar zabitləri və bir də şəhərin yaltaqları toplaşır. Dəvət edilən yerə getməmək hakimin şübhəsinə səbəb olacaq və Müqeymüddövlənin vəzifəsinə zərbə vura biləcəkdi, ona görə biz də onunla bərabər getməyə razı olduq. Biz kluba gedərkən hakim masa başında oturub zabitlərlə qumar oynayırdı. O bizi görən kimi ayağa qalxdı. Zabitlər də onunla bərabər qarşımıza gəlib, əvvəlcə miss Hanna ilə, sonra da mənimlə tanış oldular. Qumar məclisinə nəhayət verildi. Başqa bir masanın ətrafında oturduq, hakim rus qubernatoru formasında idi, başında ətrafı qırmızı rus furajkası vardı. Rus zabitləri ona: – Vaşe siyatelstvo! – deyə müraciət edir və bəzən bir-birinə baxıb gülümsünürdü. – Bizə bu xoşbəxtlik təsadüfən qismət oldu. Hər acı hadisənin sonu bir səadətdir. İmperator ordusu məmləkətimizə yeni bir mədəniyyət gətirdi. Biz rus mədəniyyətini qəbul etməliyik. Buna görə mən bizim ziyalı təbəqəni rus dostlarımızla tanışlığa dəvət edirəm. Qubernator öz söhbətində bu sözləri müxtəlif şəkillərdə bir neçə dəfə təkrar etdi. Miss Hanna mənə tərəf əyilərək: – Baqqalın başını yaran zabit üçüncü kürsüdə oturan zabit deyilmi? – dedi. Baxdım, o özü idi. Qubernator mənə müraciətlə: – Xanımınızla Amerikadamı evləndiniz? – Xeyr, Rusiyada evlənmişik, – dedikdən sonra o, miss Hannanı başından ayağına qədər gözdən keçirdi. – İran ziyalılarının götürdüyü yol doğru yoldur. Mədəni nəsil yaratmaq üçün bundan doğru yol ola bilməz. Sizə xoşbəxtlik diləyirəm. Söhbətlər çox qırıq və məzmunsuz idi. Hər kəs haradan istəyirsə, oradan danışırdı, lakin qubernator bizimlə məşğuldu. O, miss Hannadan göz çəkə bilmirdi. Zabitlərdən bir çoxu şəhər kənarındakı əsgəri qərargaha getməli olduqlarından şam yeməyini saat on ikidə verdilər. Müqeymüddövlə yavaşca mənə: – Hər gecə belə ziyafət vardır, – dedi, – hamısı da hakimin hesabına. Şəhərin əyan, ziyalıları da o hesabdan yeyirlər, hakim bu xərclərin hamısını əlli cür bəhanə ilə bazar və şəhər camaatının dərisindən çıxarır. Süfrə başında əyanlardan Rzaqulu, Rəşid Nizam, Hacı Əhməd xan Mirpənc, Hacı Musa xan və sairələri iştirak edirdi. Əvvəlcə miss Hannanın, sonra mənim və sairələrinin sağlığına içildi. Saat birdə miss Hannanın rahatsızlığını qubernatora anlatdıq və güc-bəla ilə klubdan çıxmağa müvəffəq olduq. Əlekbər yoldaş gəlib bizi evdə gözləyirmiş. Hakimin məclisinə çox da etibar etmədiyindən bizdən çox nigaran qalmışdı. Bir az sonra faytonçu da gəldi. Səhər saat altıda faytonu qoşub gətirməsini tapşırdıq. Hər bir hazırlıq görülmüşdü. Miss Hanna Təbrizə gedəcəyindən sevinir və yatmaq istəmirdi. Bir az balkonda oturduq. Mən bloknotumu çıxarıb qubernatorun rusca danışıqlarından yadımda qalan aşağıdakı sözlərini yazmağa başladım: Mərənd qubernatoru rus zabitləri ilə rusca danışarkən inqilabçıların onun atası ilə etdikləri mübarizəni və nəhayət, ona bomba atıb öldürdüklərini belə anladırdı: – Oni bolşoy skandal pokoynım otsam izdelil. Mne otsa revolyusiya ne lyubil. On zaşişal padişaxa i interes qosudarya inperatora. Naş lyudi vseqda Rosiya lyubil. Torqovlya naş strana eta treboval. Təəccüblü burasıdır ki, qubernator bu anlaşılmaz rus sözlərini dedikcə rus zabitləri də «bəli, həşəmətli cənab», – deyə onu dinləyirdilər. Təbrizlə Mərənd arasındakı yolun sağ və solunda çar ordusu çadırlarından başqa bir şey görmək mümkün deyildi. Bu yolun böyük bir əhəmiyyəti vardır, çünki bütün İran Azərbaycanı bu yol ilə Təbrizdən nəfəs ala bilirdi. Qaradağ, Maku, Xoy və Qafqazdan gələnlərin hamısı bu yoldan keçərək Təbrizə girməli idi. Acı körpüsündə pasportlarımızı yoxlayaraq, dəftərə qeyd etdilər. Vaxtilə inqilabın qızıl bayrağı asılan bu körpüdə çarın üçrəngli bayrağını asılmış gördük. Körpünü keçdik, faytonumuz Əmir karvansarasının qarşısından keçirdi. Buralarda çar ordusunun araba karvanları yerləşmişdi, kazaklara və piyada nəfərə hər tərəfdə təsadüf etmək olardı. Çayçı dükanlarının qabağında yerlilərlə bərabər, kazakların da çay içdiyini, hətta bir-iki kazakın qəlyan çəkdiyini görüb özümüzü gülməkdən saxlaya bilmədik. Əlekbər yoldaş: – Yerlilər çar təsirinə düşdüyü kimi, çarın kazakları da yerlilərin təsirinə düşəcəkdir, tezliklə tiryək çəkməyi də öyrənərlər, – dedi və güldü. Miss Hanna bir az sonra ondan ayrılacağımızı hiss edərək: – Biz nə vasitə ilə görüşəcəyik? – deyə soruşdu. – Çətin deyildir, siz Amerika konsulxanasında mənzil edəcəksiniz, deyilmi? Mən də sizə öz ünvanımı verərəm, – deyə ünvanı yazıb verdim: «Rasta küçə, Seyid Hüseyn dərbəndi. Məşədi Kazım ağanın mülkü». Faytonumuz İran poçt-teleqraf idarəsinin qarşısından keçdikdə burada da çar bayrağını gördük. Bayram günü deyildi, lakin qapıların üzərinə vurulan çar bayraqlarının çoxluğu buranı bir bayram keçirən şəhərə bənzədirdi. Biz miss Hannanı Amerika konsulxanasında düşürəcəyimiz üçün yolumuzu uzaq küçələrdən salmışdıq. Buna görə də küçədən-küçəyə keçməyə, şəhərin mühüm hissəsini dolaşmağa məcbur idik. Şəhər xeyli dəyişmişdi. Təbriz, doğrudan da, «Novoyev vremya»nın yazdığı kimi, çar əlində olan İrəvan quberniyasının şəhərlərinə bənzəyirdi. Hacı Həbibulla istanbulçunun qapısında vurulan ipək çar bayrağını görürkən bunun inqilabçı olması haqqındakı boşboğazlığını bir daha xatırladım. Hacı İbrahim Sərrafın qapısında, Hacı Fərəc Sərrafın və onun oğlu Mirzə Ağanın və sairələrinin qapısında da qiymətli ipəkdən tikilmiş bayraqlar görmək olurdu. Hacı Mirzəhəsən ağa Müctəhidin oğlu Mirzə Məsud ağa da öz damından sevimli çar bayrağını asıb özü də səkidə oturaraq, qəlyan çəkir və bayrağın Təbriz ruzigarı ilə dalğalanan qotazına tamaşa edirdi. Mir Qurban və Mir Məhəmməd kəcpəzlər yeni çar təbəəsi olduqlarından öz qapılarını başqalarına nisbətən fövqəladə bir şəklə salmışdılar. Çarın ailəsi ilə birlikdə alınmış rəngli fotoşəklini, vəliəhdi Aleksey qucağında ikən alınmış təsviri, Tatyananın çocuq ikən öz kuklası ilə birlikdə alınmış əksi və bir çox tabloları bu seyidlərin qapısı üzərində seyr etmək olurdu. Təəccüblü burasıdır ki, çar bayraqları Qarı körpüsünün dibində Şeşgilan və Saman meydanındakı tiryəkxanaların da damına çıxarılmışdır. Naib Həsənin qardaşı İbrahimin tiryəkxanasının damındakı çar bayrağı Hacı Fərəc Sərrafın damındakı bayraqdan daha qiymətli və təntənəli idi. Hacı Əlekbər bazarçası, onun ətrafındakı evlər, o cümlədən Mir Manaf Sərrafın evi özünü çar bayraqları altında nazladırdı. Bunları seyr edərkən mən bilaixtiyar: – Zavallı Təbriz! – deyə təəssüf etdim. Miss Hannanı Amerika konsulxanasında düşürdük. O, əlimi sıxdı, gözləri yaşardı, ayrıldıq. Təbrizin bu vəziyyəti məni çox mütəəssir etdiyindən Hanna ilə necə vidalaşdığımı bilmədim. Əlekbər yoldaşa müraciətlə: – Bax gör yazıq Səttar xan kimlərə arxalanıb hökumətlə mübarizə edirdi, – deyə Səttar xan təşkilatının nə qədər möhkəm bir təşkilat olduğunu indi hiss edir və bəzən bu təşkilat haqqındakı yersiz düşüncələrimi xatırlayırdım. Küçələrdəki səngərlər sökülmüşdü. Səngər olan yerlərin hamısında qarovul postları və çar soldatları qoyulmuşdu. Küçələrdən cəbhə telefon xətləri çəkilmişdi. Az müddət bundan əvvəl inqilabın silahlı dəstələri gəzən küçələrdə bu gün çar süvari kazakları və piyada məfrəzləri dolaşmaqda idi. Mənzil edəcəyimiz yerə yetişdikdə Məşədi Kazım ağanın bizdən nigaran qaldığını gördük, çünki biz bir gün Mərənd şəhərində təxir etməyə məcbur olmuşduq. O bizi hörmətlə qəbul etdi. Üç otağı, xüsusi mətbəxi, balkonu, bağçası olan bir binada yerləşdik. Bina sərbəst, maneəsiz bir bina olduğundan bizi tamamilə razı saldı. Məşədi Kazım ağanın qoca bağbanı Hüseynəli əmi də bizə xidmətçi təyin olunmuşdu. Mən Hüseynəli əmini çağırıb Təhminə xanımın ünvanını verdikdə o, qaranlıq düşməyinə baxmayaraq, bu təklifimi məmnuniyyətlə qəbul etdi və Təhminə xanımın yanına getdi. * * * Hüseynəli əminin qoca arvadı Səriyyə xala samovarı təzəcə gətirib masanın üzərinə qoymuşdu ki, qapı açıldı. Təhminə xanımla oğlu Həsənağa içəri girdi. Qadın qırışmış dərili, göy damarların içərisindəki fikirli gözlərini mənə dirədi. Qiyafəmin dəyişmiş olmasına baxmayaraq, məni tanıdı, boynumu qucaqlayıb öpdü və ağladı. Mən də Təhminə xanımın boynunu qucaqladım və «Təbriz aristokratiyasının və Təbriz ziyalısının səmimiyyətinə bu qadına inandığım qədər inansaydım, çar hökuməti ilə aparılan mübarizədə qalib çıxacağımıza inanardım», – deyə düşündüm. Həsənağa ilə də qucaqlaşıb öpüşdük, onları Əlekbər yoldaş ilə tanış edərək: – Əski və səmimi yoldaşımdır, – dedim. Sonra Təhminə xanımın necə dolandığını və Ninanın necə yaşadığını soruşdum. – Ninanın yanına köçmüşəm, bir yerdə oluruq, – deyə cavab verdi. – Balaca Məcid necədir? – Qıza əziyyət verir, səni tez-tez soruşur. Nina isə bütün boş vaxtını onunla keçirir. Uşaq olmasa idi, qızın bağrı çatlardı. Ona dərs verir. Mən indiyə kimi iki söz də öyrənə bilməmişəm, amma Məcid onun dilini öyrənibdir. Maşallah, bülbül kimi danışırlar. Qızın özü də bizim dilimizdə danışır. – Nina xidmətə gedirmi? – Gedir, lakin bir neçə gün çox naxoş oldu. – Naxoşluğu nə idi? – Bilmədim, səbəbini də demədi. Sən də ona kağız yazmadın, çox nigaran qalmışdı. Səni axtarmaq üçün bilmirəm, haralara getmək istəyirdi, amma Məcidi buraxıb gedə bilmədi. – Ev sahibi Minasyanla necə dolanırsınız? – O, qıza əvvəlkindən də artıq hörmət edir. Ev kirəsi də almaq istəmir. – Çox gözəl. Qorxma, ana, hər iş düzələr. Yenə də Təbrizdə qalacağam, bir yerdə yaşayacağıq. İndi çay tök, özün də iç, bizə də ver, – deyərək Həsənağa ilə söhbətə başladım. – De görüm, qardaşım, işin necədir? – İşlərim yaxşı deyildir. – Nə üçün? – Mücahidlik edənlərə iş vermirlər, hətta özüm də iş istəməkdən qorxuram. – Eybi yoxdur, iş də mümkündür. Pulumuz vardır, heç bir kəsə ehtiyacımız da olmayacaqdır. Yaxşı, dərnəyiniz nə haldadır? – Dərnək öz yerindədir. – Məşğələniz olurmu? – Bəli, hərdənbir yığışırıq. – Üzvlərin hamısı öz yerindədirmi? – Səkkiz nəfər də üzvümüz artmışdır. – Kimlərdəndir? – Xalça fabriki işçilərindəndir. – Nina da sizə kömək edirmi? – Kömək edir. Qorxmur, çünki iş görməyi bacarır. Bir dəfə xalça fabrikinə gəzmək bəhanəsi ilə gəlmişdi. – Qardaşım! Səmimi yoldaşımız Tütünçüoğlu nə edir? – O qaçmışdı. Təsadüfi olaraq bu gün gəlmişdir. Hər kəs qaçıb bir tərəfə gedibdir. – Səttar xan, Bağır xan, Hüseyn bağban nə haldadır? – Osmanlı konsulxanasında oturmuşdular. Tehran məşrutəçilər tərəfindən alınandan sonra onlar da çıxıb evlərinə gəldilər. – Tehranın alınması burada nə kimi bir təsir bağışladı? – Burada cürbəcür fikirlər var. Tehrana tabe olmaq istəyənlərin miqdarı çox azdır. Hətta Səttar xan da Tehranı tanımaq istəməyənlərin cərgəsindədir. – Ruslar camaata nə nəzərlə baxır? – Nə nəzərlə baxacaq? Küçədə hammalı tutub «Səttar xan; Səttar xan» deyə üstünə gülürlər. Şəhəri planlaşdırmaq istəyirlər, silahları yığmaq şayiəsi də vardır. Bütün qafqazlıları çağırıb danışdırdılar. Mirzə Əlekbər ilə Hacı Mirzə Ələsgər Qarabağlını da tutublar. Təbrizdə can siyahısı tutmaq işi də başlanıbdır. Çox danışdıq. Gecə keçirdi. Təhminə xanımı və Həsənağanı axşam yeməyinə saxladıqsa da, qalmadılar. Onlar bu gün Ninanın evində qonaqlıq olduğunu, orada yediklərini söylədikdə: – Qonaqlıq nə münasibətlə idi? – deyə təəccüblə soruşdum. – Bu gün Məcidin anadan olan günüdür, – deyə Təhminə xanım cavab verdi. Mən Ninanın ata-anadan yetim qalan, daha doğrusu, bir inqilabçı təbrizlinin uşağına bu qədər məhəbbət bəslədiyini düşünərək, haqqındakı müsbət duyğularım daha coşmağa başladı. Təhminə xanıma Ninaya sifariş göndərib sabah saat üçdə Təhminə xanımın evində görüşəcəyimizi tapşırdım. Getdilər. Mən öz-özümə: – Doğrudan da, fikirlər qarışıqdır, – düşündüm. Böyük pəncərənin qabağına keçdim. Otaq çox zərif idi, Təbriz gecəsinin bütün lətafət və təzəliyini bu otaqda hiss etmək mümkün idi. Həyət çiçəklik, meyvəlik və güllükdən ibarət idi. Qaranlıq həyətin ortasındakı hovuzda yıxanıb çıxan ağ ördəklər, ağ qətifələrə bürünmüş gəlinlər kimi hovuzun başında duraraq pambıq kimi ağ və incə vücudlarını qurudurdular. Sudan çıxmış ördəklər silkindikdə qanadlarından qopan qətrələr də hovuzun ətrafında gülsabah güllərinin al yanaqlarına düşürdü. Ördəklər hərəm qadınları kimi boyunlarını çiyinlərinə qoyub nazlanaraq getdikləri zaman biz şam yeməyinə başlamışdıq. Təbriz üfüqləri aydın və daima buludsuz olsa da, yenə də dumanlı və qaranlıq idi. İnqilabın yorğunluğundan yeni çıxmış bu şəhər böyük bir cahangirin pəncəsinə düşmüşdü. Çar siyasətindən hamilə olan bu qadının sabah necə bir oğul doğacağından kimsənin xəbəri yox idi. Həyat daha dumanlı və daha qaranlıq idi. Hələ Səttar xanın inqilabdan sonrakı vəziyyəti, onun nə kimi bir xətt-hərəkət təqib etdiyi də insanı düşündürür və dumanlı fikirlərə daldırırdı. Onun Osmanlı konsulxanasında Almaniya və Osmanlı siyasətindən zəhərlənib-zəhərlənmədiyini də düşünür, müxtəlif fərziyyələr yürüdürdüm. Hər halda, Səttar xanın başına mənfi fikirlər qoyulacağından qorxmamaq olmazdı, çünki inqilab qəhrəmanının siyasətcə savadsız olduğu və tülkü diplomatların əlindən yaxa qurtara bilməyəcəyi qorxusu var idi. Buna görə də Səttar xan ilə görüşməyə tələsirdim. Həyətdə kimsə yox idi. Səriyyə xala evinə getmişdi, Hüseynəli əmi isə gülləri suvarırdı. Tam mənası ilə sakit bir gecə idi. Bu xoş sükutu yalnız Əlekbər yoldaşın qəlyanının səsi pozurdu. O, fikirli olduğu vaxt qəlyanı əlindən buraxmazdı. * * * Birinci iclas Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi. Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik. Məşədi Abasəli qəndfüruş, Mirzə Mahmud müctəhid, Bala Tağı, Hacı Əli davafüruş, Məhəmmədsadıq Qafqazlı burada idi. Görüşdük-öpüşdük, bir ay ayrılıqdan sonra Təbrizə qayıtdığımdan olduqca sevindilər. Məsələmizə başlamadan əvvəl Əmir Heşmətin və qardaşlarının da ünvanını verib dallarınca adam göndərilməsini rica etdim. Mirzə Əhməd xidmətçisini onların dalınca göndərdi. Əmir Heşmət də gəlib çıxdı, iclasdakılar Seqətülislamın çağırılmasını məsləhət görmədilər, çünki o, ağır bir surətdə xəstələnmişdi. Əvvəlcə Hacı Əli davafüruş sözə başladı. Təbrizin hal-hazırkı vəziyyətindən və gələcək xətt-hərəkətimiz haqqında danışdı: – Aylardan bəridir ki, bir tərəfdən əks-inqilab, o biri tərəfdən də əks-inqilabı müdafiə edən çar konsulu ilə mübarizə aparmaqdayıq. Bu mübarizə üçün kifayət qədər qüvvəmiz var idi, lakin hazırda qüvvəmiz parçalanmışdır, o qüvvələr yoxdur; bir neçə tərəfə ayrılmışdır. Yalançılar əks-inqilaba və çar konsuluna qoşulurlar, tutulanlar tutuldu, qaçanlar qaçdı, gizlənənlər gizləndi, daha börkünü inqilab yolunda yerə çırpan Hacı Mehdi kuzəkünanilər yoxdur, onlar da gedib Hacı Səməd xana qoşulmuşlar, onun da fikri Hacı Səməd xanı Təbriz hakimi etdirməkdir. Biz Hacı Mehdi kimilərdən razıyıq, çünki o bizdən getmişsə də, bizim əleyhimizə işləmir... Məşədi Abasəli qəndfüruş onun sözünü kəsib: – Gələcəkdən qorxmasaydı, işlərdi! – dedi. Hacı Əli yenə də sözünə davam etdi: – Lakin bir çoxları vardır ki, hal-hazırda bizim düşmənlərimizlə işləyir və bizə də quyu qazırlar. Yoldaşlar, rəfiqlər! Bunu bilməliyik ki, indi biz azad və inqilab etmiş ölkədə yox, əsir və müstəmləkə olmuş bir ölkədəyik, qüvvəmiz həmin bu çay masasının başında oturan beş-altı nəfərdən ibarətdir, buna görə də xətt-hərəkət dəyişilməli və planlar başqa cür qurulmalıdır. Biz gizlin təşkilat üsuluna keçmişik, buna görə də nə iş görəcəyimizi, kim ilə və necə mübarizə aparacağımızı təyin etməliyik. Biz çox xoşbəxt olduq ki, yoldaş bizim çətin vaxtımızda Təbrizə qayıtdı, onlar bizi başlı-başına buraxmadı, – deyə Hacı Əli sözünü bitirdi. – Hacının sözləri doğrudur. Vəziyyət çətindir, – deyə mən sözə başladım. – Lakin bu çətinlik bizi qorxutmamalıdır. Burada gizlin təşkilatın işi açıq hərəkətlərdən daha əlverişlidir, çünki istər əks-inqilab, istərsə çar konsulunun yerli xəfiyyə təşkilatı böyük olduğuna baxmayaraq, mütəşəkkil deyildir. Odur ki, biz onlar ilə mübarizə apara bilər və məqsədimizi həyata keçirməyi bacararıq. Hərəkət xəttini təyin etmək məsələsinə gəldikdə, bu iş hələ tezdir. Hərəkəti idarə edəcək aparatımız düzəlmədikcə, xətt-hərəkətdən danışmaq artıqdır. Biz hazırda iki məsələni həyata keçirməliyik ki, bu da birinci, rus konsulunun xətt-hərəkətini, burada nə iş görmək istədiyini öyrənmək, ikincisi də, inqilabın silahlı qüvvəsinin əsasını qoymaqdan ibarətdir. Hacı Əli: – Silahlı qüvvəmi? – deyə təəccüblə soruşdu. – Əcəba, biz inqilab boğulduqdan, ruslar Təbrizə girdikdən sonra nə kimi vasitələrlə silahlı qüvvə saxlaya bilərik? – Mümkündür, Hacı! Biz sabahdan etibarən çalışmalı, Təbriz hakimi İclalülmülkü ələ almalıyıq, – dedim. – Nə üçün? – deyə Mirzə Əhməd soruşdu. – Əmir Heşmət yoldaşı Təbriz nəzmiyyəsinin başına keçirməli, tədrici surətdə nəzmiyyənin tərkibini dəyişib, yerlərinə inqilab cəbhəsində çalışan mücahidləri təyin etməliyik, – dedim. İclası sükut bürüdü. Heç kəs danışmırdı. – Bunu kim öhdəsinə götürə bilər? – deyə sükutu pozdum. Mirzə Mahmud müctəhid: – Onu mən öhdəmə götürərəm, hərgah ona müxtəsər bir hədiyyə vermək lazım gələrsə, onu da mən özüm verə bilərəm, – dedi. – Elə isə indi gəlin vəzifələri bölək, – deyə təklif etdim. – Səttar xanın fikrini, onun Azərbaycanın gələcəyi haqqındakı rəyini, bundan əlavə, çar konsulunun fikrini və burada nə kimi işlər həyata keçirməsini öyrənməyi mən öz öhdəmə götürürəm. Dəvəçi məhəlləsinin dağılan «İslamiyyə» üzvlərinin fikrini öyrənmək vəzifəsini kim öhdəsinə götürür? Mirzə Mahmud müctəhid: – O da mənim öhdəmə, – deyə cavab verdi. Mən yenə də sual verdim: – Tehranın rus istilası haqqındakı gündəlik təşəbbüsünü öyrənmək vəzifəsini kim qəbul edəcəkdi? – Bunu da mən dəröhdə edirəm, – deyə Məşədi Abasəli dilləndi. – Bütün bu vəzifələri bitirdikdən sonra xətt-hərəkəti təyin etmək mümkündür. Bunlar öz yerində, bu gün biz bir yerə toplanmış ikən mühüm bir məsələni də həll etməliyik ki, bu da inqilabdan qalmış mirası mühafizə etməkdən ibarətdir. Yenə sükut iclası bürüdü, deyəsən, yoldaşlar mənim bu irəli sürdüyüm məsələnin nədən ibarət olduğunu anlamamışdılar. Məsələni izah etmək lazım gəldi: – İnqilabın bir çox mirası qalmışdır, onlardan birisi də xalqın inqilabi ruhundan ibarətdir, biz bu ruhun sönməməsinə çalışmalıyıq. Burada natiqlərin, müəllimlərin və vaizlərin üzərinə böyük vəzifə düşür. Mirasın ikincisi – inqilabda silahla mübarizə aparan gənclərdir. Onları müdafiə etmək, onlara maddi və mənəvi yardımda bulunmaq və əks-inqilab tərəfinə keçməmələrinə çalışmaq bizim borcumuzdur. İnqilabın üçüncü və daha ciddi bir mirası da ağır qiymətə mal olmuş və böyük zəhmətlərlə Qafqazdan gətirilmiş silahlardan ibarətdir. Bu silahları bir yerə yığmalı və mühafizə etməliyik, bunlar bizə lazım olacaqdır. Siz bilirsiniz ki, silahlı əsgərlə silahsız əsgərin fərqi çoxdur. – Doğrudur, yoldaşlar! – deyə Əmir Heşmət ucadan fikrimə şərik oldu. Bundan sonra silahları qeyd etməyə başladıq. Hər kəs bildiyi silahları və gizlətdiyi yeri dedi, nəhayət, düşmən əlinə keçməmiş silahların siyahısı tutuldu. 1 – 1500 rus naqanı 2 – 800 müxtəlif sistemli tapança 3 – 2000 rus beşaçılanı (bunlar Maku ordusunun əlindən alınmışdı) 4 – 3000 müxtəlif sistemli tüfəng 5 – 500.000 rus beşaçılan patronu 6 – bir milyona qədər müxtəlif patron 7 – 500 əl bombası 8 – 100 dənə doldurulmamış bomba gilizi 9 – 100 qutu rus beşaçılan barıtı 10 – 40 pud beşaçılan barıtı Bunlardan başqa, bir çox partlayıcı və partladıcı şeylər də meydana çıxdı. Top mərmilərinin susuz quyulara töküldüyü məlum oldu. Silahların siyahısı tutulandan sonra mən yenə də məclisə müraciətlə dedim: – Ruslar özlərini bərkitdikdən sonra bu silahları istəyəcəklər, buna görə də biz silahları Təbrizdən kənara çıxarmalı və etibarlı bir yerdə mühafizə etməliyik. Bu təklifi hamı təqdir etdisə də, silahların şəhərdən çıxarılması, bir tərəfə göndərilməsi işini heç kəs öhdəsinə götürə bilmədi. Qərara aldıq ki, gələn iclasa qədər bu barədə hər kəs fikirləşsin, müəyyən bir fikirlə iclasa gəlsin. İclas yerlərinin tez-tez dəyişməsini qərara almaqla, bütün məscidlərə adamlar təyin etdik, çünki çar tərəfdarı olan vaizlər minbərdə rus siyasətinin nə demək olduğu haqqında danışır və fikirlərini intişar edirdilər. İclası bitirib çıxarkən Hacı və Mirzə Mahmud mənə pul təklif etdilər, mən isə hələ ehtiyacım olmadığını söyləyib onlardan ayrıldım. Onlardan ayrıldıqdan sonra Məşədi Kazım ağanın otağına gəldim, onunla bəzi məsələlər üzərində uzun-uzadı danışdım. Məşədi Kazım ağa söz arasında: – Olduğumuz ev öz mülkümüzdür, – dedi, – onu qardaşımız oğlu üçün qayırmışdıq, o, inqilabda öldürüldü, siz onu əvəz edirsiniz, orada olan ev şeyləri də, ev də sizindir, yenə də hər nəyə ehtiyacınız olsa, söyləyin, göndərərik. Məşədi Səttar ağa bizə haqqınızda hər bir şeyi yazmışdır. Onsuz da bizim sizə səmimi hörmətimiz vardır. Sizin üçün aşpaz və ev qulluqçusu da hazırdır, evimiz siz yaşadığınız evin dalısındadır, divarbir qonşuyuq. – Çox razıyam, – dedim, – doğrudan da, mən özümü evimdə, öz əqrəbamın yanında hiss edirəm, lazımi işləri Hüseynəli əmi və onun arvadı Səriyyə xala da görə bilər. Hüseynəli əmi çox səliqəli adamdır. Həyətdə qalmasını rica edərdim. Məşədi Kazım gülərək dedi: – O, Məhəmmədəli şahın bağçabanıdır, hələ Məhəmmədəli şahın atası Müzəffərəddin şahın kiçik zamanından Hüseynəli əmi onların yanında olmuşdur, onun özü də, arvadı da inanmalı adamlardır. Ancaq xahişimiz budur ki, nahar və şam yeməklərini hər gün öz evinizdə yeyəsiniz. Həyətdən həyətə qapı da vardır, özgəsinin bişirdiyi xörəklər, bəlkə də, sizə layiq olmadı, – dedi. Bu söhbətlərdən sonra onu Əlekbər yoldaşla da tanış etdim, bayıra çıxmaq istədikdə o, yenə də: – Məşədi Səttar ağa pul da yazmışdı, yəni o yazmasaydı da mümkün idi. Dediyim odur ki, pullar hazırdır, hər vaxt lazımsa, uşaqlar evə gətirsinlər, – dedi. – Hələlik heç bir şey lazım deyil, pul ancaq işlər yoluna düşəndən sonra lazım olacaqdır, – dedim. Onlar nahara gedirdilər. Mən Ninanın görüşünə gedəcəyimdən onlarla gedə bilmədim. * * * Nina ilə ikinci görüş Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı. Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı. – Ağlamağa lüzum yoxdur, mən yenə də qayıtdım, yenə də birlikdə işləyəcəyik, məsud həyat keçirəcəyik, – dedikdə o, ayağa qalxdı, boynuma sarıldı və: – Belə qorxulu bir zamanda Təbrizə qayıdacağına heç inanmırdım, – dedi. O, hələ də sakit olmamışdı, vücudu titrədiyindən onun ağlamaq istədiyini anlayırdım. Bir azdan sonra o, başını çiynimə söykəyib yavaş-yavaş sakit olmağa başladı. Onu danışdırdım – fikir etmə, bu gəlişim və burada başlamaq istədiyim iş müvəqqəti deyildir, uzun sürəcəkdir, – dedikdən sonra o özünü ələ alaraq: – Vəziyyət çox ağırdır. Şəxsi vəziyyətimdən danışmayacağam, heç bir ehtiyacım yoxdur. Məni darıxdıran bir şey varsa, o da çalışmağa bir sahə olmamasıdır, – dedi. – Onu da düzəldəcəyəm. İş üçün zəmin hazırdır. Hələ söylə görüm, Məcid ilə necə yola gedirsən? O gülümsəyərək: – Məcid gündən-günə dəyişir, gözəl bir oğlan olmuşdur, rəhmətlik anasına oxşamağa başlamışdır. İdraklı, fərasətli bir uşaqdır, dərs oxuyur, lakin səni də tez-tez soruşur, adını bilmək üçün də maraqlanır, – dedi. – İndi sən adımı ona deyə bilərsən, adım Əbülhəsən bəydir. Nina təəccüblə: – Doğrudanmı? – deyə soruşduqda, mən pasportu və onun üstündəki fotoqrafiyamı ona göstərdim. – Baxın. İndi inandınızmı? – Bəs bunun sahibi pasportsuz necə dolanacaqdır? – O da Rusiyada mənim pasportumla yaşayacaqdır. O bizim yoldaşımızdır, – dedim. Nina bir daha əlimi sıxdı və: – Deyəcək sözlərim çoxdur, İraida bir böyük adam olmuşdur, – dedi. – Necə böyük adam? – O, konsulun məhəbbətini qazanmış və onun sağ əli hesab olunan bir zatla yaşamaqdadır. – O zat kimdir? Mən tanıdığım adam deyilmi? – Bəlkə də, tanıyırsan, o, sərdar Rəşiddir. – Tanıyırdım. Vaxtilə Ərdəbildən Eynüddövlə tərəfindən göndərilən həyətdə sərdar Rəşid də var idi. Mənim eşitdiyimə görə, keçmişdə dəllək şagirdi olmuşdur. İraidanın elə alçaq bir adamla yaşamağa razı olması bir hiylədən xali deyildi. O qız ağıllı və vüqarlı bir qız idi. O, konsulxanada xidmət etdiyi müddətdə sevgi hissi ilə əlini bir kimsə də olsa, sıxa bilməmişdi. O, sərdar Rəşid ilə nə vasitə ilə tanış oldu və onu bu alçaqla kim bağladı? – düşünməyə başladım. Lakin düşündüyümü Ninaya sezdirməyərək: – İraida sərdar Rəşidi sevib yaşayırsa, nə demək olar? Təbrik etmək də mümkündür, – dedikdə Nina inanmayan adamlar kimi dedi: – Mən onun sevgisinə inana bilmərəm, o, sevmək bacarmaz, biz hər kəsi sevə bilsəydik, Riqada da yaşaya bilərdik. İraidanın bu sevgisində başqa cəhətlər görürəm. – Nə kimi cəhətlər? – Mən özümü bilməməzliyə vuraraq soruşdum. Nina: – Konsulun hiyləsi nəticəsində yüzlərcə İraidalar bədbəxt olur. Onun belə bir siyasəti vardır, o konsulxana ilə əlaqəsi olan bütün nüfuzlu yerlilərin yanına bir nəfər qadın vermişdir. Lakin bu qadınların heç birisi xoşbəxt olmamışdır. İraidanın da axırından qorxuram, – dedi. – O sənin yanına tez-tez gəlib-gedirmi? – Gəlir, lakin onun gəlməsindən razı deyiləm. Ninanın son cümləsindən şübhələnməyə başladım, lakin məsələni dərinləşdirmək və bunu əlverişli bir zamana buraxmaq üçün söhbətin məzmununu dəyişərək ondan soruşdum: – Minasyan ilə necə dolanırsınız? – Əlaqəmiz çox yaxşıdır. Lakin bundan sonra orada yaşamağımız əl verməz. Bəlkə də, o tərəfdə səni tanıdılar, başqa bir yerə köçməliyəm, – deyərək mənim üzümə baxdı. – Mümkündür. Mən Rasta küçədə yaşayıram, sənin üçün də əlverişli bir bina düzəldərəm, – dedim. – Tez düzəltməyə çalışın. – Çox gözəl, sabahdan etibarən təşəbbüs edərəm. De görüm konsul Təbriz haqqında nə fikirdədir? – Fikirlər qarışıqdır. Məhəmmədəlinin məğlub olub rus səfarətinə soxulması Tehranda rus səfirinin və rus siyasətinin məğlub olması deməkdir. İndiyə qədər Tehranın tərəfdarı olan və onun üçün də hökumət ordusunun qələbəsinə çalışan çar siyasəti, bu gün mərkəzin əleyhinə çevrilmişdir. Hazırda rus konsulu Tehrandan və Peterburqdan aldığı təlimat üzrə Azərbaycanın Tehranı tanımaması siyasətini aparır. Vaxtilə Tehrandan təlimat alan Dəvəçi əks-inqilabçıları da konsulun fikrinə əsasən Tehranla əlaqənin kəsilməsi tərəfdarıdır. – Səttar xanın vəziyyəti nə haldadır? Onun haqqında konsul nə düşünür? Qız güldü: – Burada qəribə bir təsadüf vardır. Səttar xan Osmanlı konsulxanasından çıxandan sonra onda tam mənası ilə başqa bir fikir doğmuşdur. Səttar xan da Tehranı tanımaq istəmir, o da deyir ki: «Bu Qacarı qovduqsa, yerinə başqa Qacar gəldi». – Bu fikir nə qədər sağlam bir fikir olsa da, hazırkı çar siyasətinə yardım edən bir fikirdir, çünki ruslar da Azərbaycanın Tehrandan ayrılması siyasətini aparır. Bu fikir Səttar xanın başına Osmanlı konsulxanasında qoyulmuş bir fikir olsa da, ağıllı fikir deyildir, çünki osmanlıların Azərbaycanda nüfuzu yoxdur. Səttar xan Azərbaycanı mərkəzdən ayırıb müstəqil yaşatmaq istəsə belə, ruslar ona imkan verməzlər. Hər halda, bu fikrin əsas mənbəyini osmanlılarda deyil, onları əlində alət etmək istəyən almanlarda aramalıdır. Azərbaycanın ayrılmaq fikrini aralığa hər kim atırsa-atsın, bu fikir ruslara xidmət edən bir fikirdir. Ruslar belə bir fikirlə mərkəzi hökuməti şaşdırmaq və rus təkliflərinə razı salmaq siyasətini aparır. Qızın siyasi düşüncəsi az müddət içərisində xeyli inkişaf etmişdi, xüsusən o, yerli xalqın əhvali-ruhiyyəsini olduğu kimi öyrənə bilmiş və azərbaycanlıların osmanlıları sevməmələri və əqidə, məzhəb ixtilafının hələ indiyə qədər davam etdiyi haqqında da düzgün məlumat əldə etmişdi. – Fikrin doğrudur. Hərgah Səttar xan və osmanlılar belə bir fikir yürüdürsə, bu fikir orijinal bir fikir deyildir, bu fikir imperialist Almaniyanın fikridir. – Bina məsələsini unutma. Bir də səndən soruşmaq istəyirəm, sənin gəldiyini İraidaya xəbər vermək mümkündürmü? – Əlbəttə, mümkündür. O məni az sərmayəli bir tacir kimi tanımırmı? – Elədir. O, indi də o fikirdədir. – Heç eybi yoxdur. Yenə də tacirin səfərdən qayıtdığını ona söyləyə bilərsən, mümkün edə bilsəm, onunla görüşəcəyəm də. – Görüş, lakin ehtiyatlı ol. İraida sən gördüyün İraida deyildir, – deyərək Nina mənə tapşırıq verdi. Mən evə getməli idim, Əlekbər yoldaşla bərabər gəldiyimi söylədim, Nina onunla tanış olmağa maraqlandı. Sonra Təhminə xanımın qızlarını içəri çağırdım, tam mənası ilə dəyişmişdilər. Nina onların paltarını, saçlarını, bütün qiyafələrini dəyişib bir avropalı qızı şəklinə salmışdı. Sabah Təhminə xanımın evində görüşəcəyimizi qərarlaşdırdıqdan sonra Ninadan ayrıldım. * * * İraida Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı. Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı. Nina içəri otağa keçdi və xeyli keçdikdən sonra bir aydan bəri əyninə geymədiyi paltarlarını və qiymətli daşlarını geyib bəzənərək İraidanın yanına gəldi. Çöhrəsindəki məhzunluq tamamilə rəf olub getmişdi. O, İraidanı sıcaq bir səmimiyyətlə qəbul edib qucaqladı, dodaqlarından öpdü, Ninada az-az görünən hal İraidanı sevindirdi. Qızın dəyişməyə başladığını hiss etmişdi: – Görünür ki, sözlərim başına işləmişdir, belə də olmalıdır. Sən gözəl qızsan, sənə də ev, eşik, ər, uşaq, gələcək lazımdır. Sənin sevdiyin adam özünə nə gün qazanmışdır ki, sənə nə gün qazandırsın? Az sərmayəli bir taciri sevməkdən nə çıxar? Doğrudur, sən onu sevirsən, amma ağıllı qız özünü də sevməlidir. – İraida Ninanı oxşayaraq tövsiyəsində davam edirdi: – Nə olsun ki? O, ayrı yaşayır, sən də ayrı yaşayırsan. Bu oyun nə vaxta qədər davam edə bilər? Sən nə vaxta qədər bu iranlı uşağını çimdirəcəksən? O kimdir? Onu nə sən doğmusan, nə də sənin din qardaşın. Nə qədər çalışsan da, sən onu özünə doğma bir övlad edə bilməyəcəksən. Ondan sənə heç bir fayda yoxdur. Sənin başın üstündə incil oxumayacaq, qəbrinə xaç taxmayacaq, qoca vaxtında əlindən tutmayacaqdır. Burax küçəyə getsin, Təbriz küçələrində belələri azdırmı? İraida bu sözləri bitirər-bitirməz Məcid geyinmiş halda qaçaraq gəlib Ninanın qolları arasına girdi. İraidanın halı pozuldu, lakin o, yenə də sözünə davam edirdi: – Sən baxma ki, mən sənin sevdiyin adamı çox xoş dil ilə dindirirdim, sən elə zənn etmə ki, mən onunla Şərqi sevən bir qız kimi danışırdım. Hər xalqın özünəməxsus dili vardır. Buna görə də mən həmin şərqli ilə bir şərqli kimi söhbət edirdim. Onlar da belədir, onlar da bizim öz dilimizi tapıb danışır, zövqümüzü, ruhumuzu oxşamağa çalışırlar. Necə ki, həmin adam sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. Onun nə dərdi var, əsl dərd sənindir. O, bacarıqlı adamdır, sənin kimi avam, sadə ürəkli bir qızı hər yerdə tapa bilər, hər yerdə burada qurduğu həyatı qura bilər. İkinci bir Nina tapar, küçədə qalan bir Məcidi də ona tapşırıb vidalaşar. Bacım, indi ki, sən bu cür həyatdan xoşlanırsan, adamlarla biraylıq yaşamağı bacarırsan, şəxsi mənfəətini də nəzərdə tutmalısan, ya yox? Gördün ki, mən aylardan bəri bir nəfərə yaxın getmədim. Sənin fikrincə, mən heç kəsi sevmirdim, eləmi? Yox, sevirdim, amma quru sevgi məni razı salmırdı. Doğrudur, böyük vədlər verənlər var idi, amma onlar nisyə, mənim sevgim isə nəqd idi. Mən ağıllı qız olduğum üçün nəqdi nisyəyə satmadım. Lakin elə ki, sərdar Rəşidin konsul yanındakı hörmətini gördüm, xüsusən onun ailəsinin çar ordusu ərkan hərbi ilə olan əlaqəsini yəqin etdim, daha fürsəti əldən buraxmadım. Onun gələcəyi böyükdür, onu konsul mühüm bir gün üçün əlində saxlayır, o, bir vaxt Azərbaycanın general-qubernatoru olacaqdır. Bunu mən də anlamışam. Sərdar Rəşidin özü də mənə nisyə vədlər verən adam deyil, arvadını da məndən ötrü başından rədd edibdir. Mən də ağıllıyam, hələlik işin nəticəsini gözləyirəm. Onun üçün onun kiçik və əhəmiyyətsiz zövqünü oxşamaqla böyük mükafat əldə edirəm. Şərqin qiymətli və nəfis zinətlərini daşıyıram. Konsul cənabları da bu yaxınlığa tərəfdardır. Bunun üçün də onlar mənim «ağıllı qız? deyə bu işimi təbrik edirlər. Nina, sən məndən cavansan, üzünə deyirəm, məndən də gözəlsən, çar ordusunun bura gəlməsi nəticəsində yüzlərcə sərdar Rəşidlər irəli çəkiləcəkdir. Göz-qulaqda ol, əcəba, sən onlardan birisini öz əlinə ala bilməzsənmi? Əlbəttə, ala bilərsən. – Xeyr! – deyə Nina qəti olaraq rədd etdi. – Bütün dediklərin mənim ruhum, mənim zövqüm, mənim əqidəm üçün yabançıdır, mən öz zövqümün, öz əqidəmin, öz sevgimin əleyhinə çalışan qızlardan deyiləm. O, müvəqqəti adamlardan da deyildir. Əgər o, müvəqqəti adam olsa idi, mənim üçün belə bir həyat düzəltməzdi. Onun mənim üçün və Məcid üçün yaşadığını bilirəm. – Əgər sizin üçün yaşayırsa, bəs nə üçün sizi atıb getdi? – Getdi, lakin yenə də qayıdıb gəldi. – Qayıdıb gəldi? – İraida heyrətlə soruşdu. – Bəli, o qayıtmışdır. Dünən görüşdüm, səninlə də görüşməyi arzu edirdi... Məcidə gəlincə, o da mənimdir, ona dəxli yoxdur. Mən bunu sevirəm. Bunun anası Zeynəbi də sevirdim, bir qızım olarsa, adını Zeynəb qoyacağam. İraida dərin bir fikrə getmişdi: – Demək o gəlmişdir?1 – deyə mızıldandı. – Bəli, gəlmişdir. – İndi ki, gəlmişdir, daha başqa sözlər ola bilməz. Lakin həyatınıza müəyyən bir şəkil verməlisiniz. Bunu da deməliyəm ki, mən daima onun əleyhinə danışarkən dilim dediyi sözlərə ürəyim heç də razı olmur. Nina, sən onu bil ki, mən bunu sənin xatirin üçün də demirəm, mən Şərqdə ona bəslədiyim hörməti heç kəsə bəsləməmişəm. Lakin nə edəsən ki, alış-verişçidir, inqilab vaxtında da zərər çəkmişdir, onda varlılıq xasiyyəti qalıbdır, o, zəngin yaşamağı, həyatını təmin etməyi çox sevir, onda ağa xasiyyəti vardır. – Elədir! – deyə Nina razı oldu. – Bəlkə də, sərdar Rəşid konsul vasitəsilə ona qazanclı bir iş düzəltdi, ordu təchizatı işlərində böyük pul qazana bilər. – Onun işi yaxşıdır, zərərlərini bu səfərində ödəmişdir. – Bunu sənə özümü dedi? – Bəli, özü dedi, mənə yaxında gözəl və sərbəst bir bina tapacağını da vəd etdi. – Elə isə nə zərəri vardır. Həm pulu vardır, həm də gözəl, cavandır, həm də ki, səni sevir, elə isə sənin də sevməyin fəna deyildir. Məcid Ninanın boynundakı incilərlə oynayır, öz adını eşidərkən İraidanın üzünə baxır və düşünürdü. Sonra İraida Təhminə xanıma müraciətlə: – Gözün aydın olsun, oğlun gəlmişdir, – dedikdə Nina onun sözlərini Təhminə xanıma tərcümə etdi. Təhminə xanım isə: – Allah onu bizə çox görməsin, bizim bir günümüz onsuz olmasın! – deyə cavab verdi. Nina İraida ilə öz arasında olan bu söhbəti mənə danışdıqdan sonra: – O, bir cür qızdır, mən də bir cür! – dedi. * * * Səttar xana məktub Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı. Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı. Təbrizdə Səttar xanın nüfuzu gündən-günə azalır, hətta onun məşrutəyə xain çıxdığı xəbərləri də avam xalq arasında danışılırdı. Buna inanmasaq belə, yenə də bir neçə ay bundan əvvəl xalqın göz bəbəyi sayılan və Sərdar-milli ləqəbini alan inqilab qəhrəmanının üzərindən bu şübhəni qaldırmaq lazım idi. Ona göndəriləcək məktubun məzmununu düzəltmək işi mənə tapşırılmışdı. Məktubu Təhminə xanım vasitəsilə göndərdim. “Cənab Sərdar! Ayrıldığımız ay yarımdan artıqdır. Bir həftədir ki, Təbrizə gəlmişəm. Görüşmək və cənab Sərdarı şəxsən ziyarət etmək istəyirdim, lakin səhhətinizin qismən pozulduğunu eşidərək, sizi rahatsız etmək istəmədim. Bir məktub göndərmək, bununla bütün yoldaşların sizə olan ixlasını bildirməyi məsləhət gördüm. Cənab Sərdar! Təbrizdə vəziyyət dəyişmişdir, xalqın fikri qarışıqdır. Müxtəlif fikirlər, əqidələr, siyasətlər meydana çıxmışdır, fikirlərin qarışmasında məmləkət düşmənlərinin də əli vardır. Buna görə də gələcək üçün doğru bir yol intixab etmək üçün bizə, hər şeydən əvvəl, Sərdarın fikrini bilmək lazımdır. Cənab Sərdara cəsarətlə yazmaq lazımdır ki, hazırda Azərbaycanın mərkəzdən ayrılması və onun nə şəkildə olursa-olsun, müstəqi! idarə olunması fikrini meydana atmaq çar diplomatiyasının fikrinə yardım göstərmək kimi anlaşılacaqdır. Çünki köhnə islamiyyətçilər rus konsulunun fikrini nəşr edərək Azərbaycanın İrandan ayrılması və müstəqil yaşaması nəğməsini çalırlar. Əlbəttə, bununla biz cənab Sərdara göstəriş vermək istəmirik, biləks bizim məqsədimiz cənab Sərdarın kütlələr arasındakı böyük nüfuzunu müdafiə etməkdir. Ruslar Azərbaycan istiqlaliyyəti məsələsini meydana atmaqla mərkəzdə öz nüfuzunu möhkəm etmək və hökumətə təsir yetirmək istəyirlər. Bu günlər Təbrizə hakim göndərilməsi məsələsi Tehranda böyük qilü-qala səbəb olmuşdur. Tehranda Süpəhdarın namizədliyini ruslar qoymuşdur, çünki o, rus bankının qərzdarlarındandır, Şimali İrandakı bütün əmlakı da bu bankdadır. Eynüddövlənin də namizədliyini qoyanlar vardır. Lakin əksəriyyətlə Tehran hökuməti Müxbirüssəltənəni Təbrizə hakim göndərməyə çalışır. Bunları cənab Sərdara məlumat olaraq yazmaqla bütün yoldaşlarla birlikdə cənab Sərdarın səhhətməzacını bildirəcək bir məktubun intizarındayıq?. Məktubun cavabı alınmadan bütün yoldaşlar Səttar xanın nə kimi cavab verəcəyini qabaqcadan bilirdilər. Osmanlı konsulxanasında oturması nəticəsində Səttar xanın xeyli dəyişilmiş olduğu güman edilirdi. Təbrizdə birdən-birə Osmanlı və Almaniya nüfuzunun zühur etməsi yalnız İran Azərbaycanı üçün deyil, osmanlıların özləri üçün də qorxulu idi. Belə bir nüfuz Rusiyanın İrandakı istila siyasətini daha da dərinləşdirə biləcək idi. Digər tərəfdən Tağızadənin Səttar xanla bərabər Osmanlı konsulxanasında oturması məsələsi bizi düşündürürdü, çünki Tağızadə heç vaxt Almaniya – Osmanlı siyasətinə aldanmayan və nəticəsiz işlərə iqdam etməyən bir sima kim tanınmışdı. O, son vaxtlar Rusiya və İngiltərənin İran məsələsində qurduğu əməkdaşlığın mənasını anlamamış deyildi. Qismən anqlofil sayılan Tağızadənin alman macərasına qapılmayacağını hər kəs söyləyirdi. Lakin buna baxmayaraq, hər dövlətin ya lehinə, yaxud əleyhinə olaraq təbliğat aparmaq Təbrizin bir xüsusiyyəti idi. Dumanlı və mürəkkəb əqidələr daşıyan Təbrizdə hər bir hökumətin müəyyən qrupları var idi ki, onlar məzkur hökumətin siyasətini, xətt-hərəkətini, məqsəd və məramını intişar edirdilər. Eyni zamanda hər qrupun özü də mürəkkəb bir şəkildə idi, orada müctəhid, ziyalı, tacir, hambal kimi müxtəlif təbəqələr iştirak edirdi. Hazırda əyalət əncümənində oturanların da tərkibi belədir. Bizimlə inqilabda iştirak edənlər də belə müxtəlif təbəqə nümayəndələrindən ibarət idi. Bizimlə olsalar da, bizimki deyillərdi. Bizim beş-altı nəfərdən ibarət olan qüvvəmiz belə bir şəhərdə işləməyə məcbur idi. Biz Səttar xan kimi siyasətdən xəbərsiz, elmsiz bir qəhrəmanın bu qədər qarışıq fikirlərə qarşı müəyyən və müsbət bir fikir daşıya bilməyəcəyindən qorxurduq. kok Məktubun cavabını bir gün sonra aldıq. Oxumaq üçün yenə də Mirzə Əhməd Süheylinin evinə toplandıq. Məktubun məzmunu ilə hamı maraqlanırdı: Məktub mənim adıma yazılmışdı, lakin Hacı Əli yaxşı oxuduğundan məktubu oxumasını ondan rica etdik. eMöhtərəm ağalar, cənablar! Rəfiqlərl Əziz rəfiqimin təşrif gətirdiyini oxuduqda yenə də özümü ay yarım bundan əvvəlki kimi hiss etdim. Səhhətim də qismən düzəlmişdir. Qeydimə qaldığınızdan çox razıyam. Təbrizə qayıtmaq xəbəriniz mənim mətanətimi artırdı. Sizin Təbrizdə olmanız ruslar ilə aparılan mübarizə üçün əhəmiyyətsiz deyil, çünki ruslar həm aldatmağı, həm zorlamağı bacarırlar. Mümkün olduqca bizimkilərin aldanmasına mane olmalısınız. Bir də əziz rəfiqdən xahiş edirəm ki, məktub yazanda diplomat dili ilə yazmasın. Hər sözü açıq yazın, mən də açıq yazacağam. Gələcək xətthərəkəti təyin etmək üçün mənim fikrimi soruşursunuz və yazırsınız ki, hazırda Azərbaycanın mərkəzdən ayrılması fikrini yürütmək və kütlələri bu fikrə hazırlamaq rusların fikrinə yardım etmək deməkdir, çünki ruslar sabiq islamiyyə ruhanilərini öz ətraflarına toplayıb Azərbaycanın müstəqil olmaq siyasətini nəşr etməyə çalışırlar. Əziz rəfiqim! Bu fikriniz tamamilə doğrudur. Mən də rus siyasətini nəticəsiz buraxmaq və iflasa çatdırmaq uğrunda çalışıram. Rusların qarşısına da Almaniya kimi qüvvətli bir dövləti çıxarmaq lazımdır. Təbrizə hakim gəlməsi haqqında camaat arasında təbliğat aparılmalıdır. Hərgah hakim gələcəksə, yenə də Müxbirüssəltənənin gəlməsi yaxşıdır, çünki mən Osmanlı konsulxanasında olarkən onun rus düşməni olduğunu eşitmişəm. Mən şəxsən Tehranı tanımıram, orada oturanları da biz intixab etməmişik. Əhməd Mirzənin taxta oturmasına da razı deyiləm. Yoldaşlara da deyərsiniz, bizə nicat verəcək bir vasitə varsa, o da Almaniya-Rusiya rəqabətidir, bunu siyasətdə baş işlətmiş adamlar da təsdiq edirlər. Cənab Səlarl ilə də telefon ilə danışdım. Səhhəti yerindədir. Sizə və bütün rəfiqlərə xüsusi salamı vardır. Yenə də məktub gözləyirəm. " Bağır xan. Məktubla bərabər beş yüz tümənlik çek də göndərdim. Onu da Hacı İsmayıl ağadan alarsınız, yenə məsafir lazım olsa, lütfən yazarsınız. Bəlkə, şəxsən görüşməyə imkan tapdınız. Əqəl Səttarə. Məktub oxunub qurtardı. Hamı bir-birinin üzünə baxırdı. – Bu fikir Səttar xanın şəxsi fikri deyildir, – deyə Hacı Əli sözə başladı. – Səttar xanın inadçı bir adam olması, bu fikrindən vaz keçməsi ümidini vermir. – Eyib etməz, – dedim, – Sərdar cənabları evdə, bu fikir də onun başında qapanıb qalacaqdır, biz isə dışarıdayıq, öz fikrimizi intişar edəcəyik. Doğrudur, rus qanadının altında istiqlaliyyət quranlar bizi Azərbaycanın istiqlaliyyəti düşməni adlandırıb lənət oxuyacaqlar, lakin bu cür lənətləri daşımaq, yanlış siyasət nəticəsi olaraq ölkəni yeni fəlakət qarşısında qoymaqdan yaxşıdır. Bizim doğru yolumuz əncümənlə əlaqə saxlamaq və onlara bildirmədən öz yolumuzu davam etdirmək, çar siyasəti ilə mübarizə aparmaqdan ibarətdir. Hörmətli rəfiqimiz və böyük qəhrəmanımız Səttar xan artıq öz tarixi vəzifəsini bitirmişdir. İndi inqilabçı və azad İran onu öz qəhrəmanı kimi sevməli və yaşatmalıdır. Tehrandan hakim gəlincəyə qədər hazırkı vəziyyəti saxlamalıyıq, çünki hakim gəldikdən sonra istər Səttar xan, istərsə əncümən ilə olan əlaqələrdə mühüm bir dəyişiklik vücuda gələcəkdir. İndi biz əlimizdəki fürsəti itirmədən Əmir Heşməti nəzmiyyə rəisliyinə keçirməliyik. Qoy Müxbirüssəltənə gəlib onu iş başında görsün. Müxbirüssəltənənin Təbrizdə hakim təyin olunmaq xəbərini eşidən hazırkı hakim İclalülülk, dəxi, son günlərini yaşadığından inad göstərməz zənnindəyəm. İkinci məsələyə keçdik. Söz Bala Tağıya verildi. Tağı sözünü belə başladı: – Rəfiqlərl Bilirsiniz ki, bizə rusların etmədiyi zülmü iki nəfər seyid etdi. Mir Qurban və Mir Məcidin əlindən bir nəfər də olsa, köhnə inqilabçı və mücahid küçədə gəzə bilmir, bir parça çörək qazana bilmir. Rus konsulxanası ilə əlaqə saxlayaraq yoldaşlarımızın başına olmazın fəlakətləri gətirirlər. Mən təklif edirəm ki, bu iki nəfər seyidi aradan qaldırmaq vəzifəsini mənə tapşırasınız. – Yox! - deyə qəti etiraz etdim, – bu yaramaz. Bununla bizə nicat olmaz, terror yolu köhnə yoldur. Aralıqdan çıxmış faydasız bir yoldur. Bununla biz rusların əlinə yeni bir bəhanə vermiş olarıq. Ruslar Azərbaycanı işğal etdikdə crəiyyətimizi və himayəmizdə olanların malını, canını təhlükədən müdafiə etmək üçün işğal edirik, – demişdir. Bizim bu hərəkətimiz onların siyasətinə xidmət etmiş olar. Tağı öz fikrində israr edirdi, lakin Hacı və başqaları məni müdafiə etdikdə o, könülsüz olsa da, bizimlə razılaşdı. Silahların Təbrizdən çıxarılması və etibarlı bir yerə köçürülməsi haqqında hələ də kimsə müəyyən bir fikrə gələ bilmədiyindən bu məsələni yenə də təxirə salıb iclası qapadıq. * * * Mahru xanım Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı. Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi. Ninanın bugünkü sevincini, bugünkü hazırlığını indiyə qədər görməmişdim. Bu gün sərdar Rəşidin bacısı Mahru xanım da İraida xanım ilə bərabər Ninanın görüşünə gələcək, Nina ilə və mənimlə tanış olacaq idi. Ninanın böyük hazırlığının bir mənası da var idi. O, yeni düzəltmiş olduğu zəngin yaşayışını bacısı İraidaya göstərəcək və həyatında səhv etmədiyini ona sübut edəcəkdi. Bina bir şərqli binası olsa da, ev əşyası zəngin Avropa evlərində olan zənginliyi təsvir edirdi. Bu ziyafətdə Təhminə xanım, iki qızı, Həsənağanın arvadı Nazənin xanım da iştirak edirdi. Ninanın Təbrizdə öz üzərinə götürmüş olduğu mədəni vəzifələrdən birisi də Təhminə xanımın ailəsini mədəniləşdirməkdən ibarət idi. Nina qızlar və gəlin üçün qiymətli paltarlar tikdirmiş, onları avropalı bir qız vəziyyətinə salmaqla bərabər, dərslərinə də diqqət yetirmişdi. İndi Təhminə xanımın qızları və gəlini Nazənin xanım rusca oxuyur, yazır və danışırdı, eyni zamanda Ninanın özü də türkcəni bu qızlardan öyrənmişdi. Nina hər sözbaşı sənin əziz canına and olsun, öz başım üçün, dünya Məcidin bir qırıq tükünə qurban olsun? deyə Təbriz qadınlarının şivəsini bütün incəliyinə qədər mənimsədiyini nümayiş etdirdi. Mən evdə tovuzquşu kimi süzən və varlığını qara örtükdən çixaran bu üç Təbriz qızına baxdıqda Şərqin bu, indiyə qədər varlığı nəzərə çarpmayan nümunəvi qadınlığını düşünürdüm. Bu mənzərə çoxdan bəri bəslədiyim bir arzunu mənə bir daha xatırlatdı. Təbrizdə qadın azadlığı uğrunda çalışmaq üçün gizli bir cəmiyyət təşkili məni çox düşündürən şeylərdən biri idi. Mənim bir düşüncə şəklində qalan bu arzumu bir latış qızının, türk qadınlığı ilə heç bir əlaqəsi olmayan Ninanın həyata keçirməsinə həm sevinir, həm də doğrusu, ona həsəd aparırdım. “Qız nə qədər bacarıqlı qızdırə, – deyə təəccüb edirdim. Saat birə işlədikdə İraida və Mahru xanım gəlib çıxdı. Mahru xanım evə girən kimi çarşabını atdı, tanış olduq. Təhminə xanımı, qızlarını və gəlinini Nina Mahru xanım ilə tanış edərkən: – Bu mənim yoldaşımın analığı Təhminə xanımdır. Bunlar da yoldaşımın bacılarıdır, bu da gəlinimizdir, – dedi. Mahru xanım gözəl və zərif latış qızlarını təmsil edən bu Təbriz qızlarını başdan-ayağa qədər süzdü. Bir gözündə həsrət, digər gözündə isə həsəd qığılcımları görünməyə başladı. Hələ qızların təmiz rusca danışmaları Mahrunu tamamilə heyran etmişdi. İraida evdəki şeyləri nəzərdən keçirərək soruşdu: – Bu şeyləriniz əvvəlcə yox idi, deyilmi? – Bəli, yox idi, bu şeylər buraya köçdüyüm zaman alınmışdır. – Onun işi, alış-verişi nə yoldadır? – deyə İraida mənimlə maraqlanmışdı. – İşi düzəlmişdir. Bu səfərində bütün zərərlərini ödəmişdir. – Alış-verişi nədir? – Cavahir satan tacirdir. İraidanın gözləri yol çəkməyə başlamışdı. İraida Ninanı buraxaraq mənə yanaşdı. Mahru xanım isə qızlarla və Nina ilə məşğul idi. – Nina işlərinizin düzəldiyini mənə xəbər verdi, çox şad oldum. Çünki sizin şəxsiyyətiniz məndə olduqca müsbət bir təsir buraxmışdır. – İraidanın bu sözlərində bir saxtalıq duyulmaqda idi. – Çox razıyam, – deyə qısaca cavab verdim. – Mən indi Ninanın xoşbəxt bir qız olduğuna inanıram, bunu anama da yazacağam, - deyə İraida yenə gözləri yol çəkərək davam etdi. – Lakin sizin bu həyat quruluşunun, hətta bu zəngin Şərq evinin mühüm bir nöqsanı vardır, siz o nöqsanı islah etmək üçün mənə söz verməlisiniz. – O nöqsan nədən ibarətdir? – deyə soruşdum. – Şərq evləri çox zinətlidir, bəzəklidir, Ninanın evi də zəngin bir Şərq evidir, lakin bütün Şərq evlərində olduğu kimi, Ninanın evində də mənəvi bir nöqsan vardır. Siz bu vaxta qədər həyatınıza müəyyən bir şəkil verə bilməmişsiniz, yaxud buna imkan bulmamışsınız. Əfv ediniz, mən sizin evinizdə hələ də ailə həyatının mənəvi ləzzətini görmürəm. İraida məsələni incə və çıxılmaz bir yerə vardırmışdı, onu həm qane etmək, həm də incitməmək lazım idi. Çünki bizim üçün İraida əlverişli bir mövqe tuturdu. Onun gələcək əri sərdar Rəşid də bizə lazım idi. İraida vasitəsilə ilə sərdar Rəşidi, onun bacısı Mahru xanim vasitəsilə də Abşeron alayının komandiri Smirnovun iç üzünü öyrənə biləcək idik. – Doğru buyurursunuz. İraida xanım! Həyata müəyyən və əbədi bir şəkil verilməlidir. Artıq bunun vaxtı çatmışdır. İndiyə qədər, ümumiyyətlə, həyatımız qaranlıq dumanlar içərisində idi. Təbrizdə müdhiş hadisələr baş verirdi, belə bir zamanda, hətta həyatı müəyyən olmayan bir mühitdə, həyata nə kimi vasitələrlə müəyyən bir şəkil vermək olardı? İraida sözlərimi təsdiq etdi. Mən davam edərək: – Qoy Nina məni lazımi qədər öyrənsin. Daimi yoldaşlıq qurmaq üçün tələsmək lazım deyildir. Həyat ani bir surətdə deyil, tədrici olaraq müəyyən qəlibə düşməyə başlayır. Zənnimcə, bunu siz də öz həyatınızda nəzərdə tutucaqsınız. Siz də özünüzü həyat «ərəyanına feda etməyəcəksiniz. Nina sizin bir xoşbəxtlik arxasınca qoşduğunuzu mənə söyləmişdir, – dedim. – Siz bundan razı qalırsınızmı? – deyə İraida soruşdu. – Məsələnin əsli ilə tanış deyiləm, xoşbəxtliyin haradan və kimin vasitəsilə başladığını bildikdən sonra öz fikrimi deyə bilərəm. – Tanışlığımızın tarixi uzun deyildir. Sərdar Rəşid bizim özümüzündür, o, çar tərəfdarıdır, onu konsul cənabları da çox sevir. Bir gün çarın tac qoyması münasibətilə konsulxanada tərtib edilmiş ziyafətdə sərdar Rəşid də iştirak edirdi. Konsul cənabları məni sərdar Rəşid ilə tanış etdi, sonra bir neçə kərə yenə konsulxanada görüşdük. Konsul mənim onunla yaxından tanış olmağımı məsləhət gördü. Onun parlaq gələcəyə malik olduğunu mənə söylədi. O, Azərbaycan general-qubernatorluğuna təyin edilən namizədlər sırasındadır. Hələlik əlaqəmiz sıx deyildir. Konsul tanışlığımızın nə mərkəzdə olduğu haqqında məndən tez-tez soruşur, – deyə İraida fikrə getdi. Məncə, məsələ tamamilə aydın idi. Konsul İraidadan istifadə etmək istəyirdi. O bu qızı da siyasətinə alət etməyə çalışırdı. – Sizə hər sözü demək artıqdır, – deyə mülayim bir tərzdə cavab verdim, - çünki siz ağıllı qızsınız. Tanış olmaq eyib deyildir. Konsulun da məsləhəti yaxşıdır, onu da eşitməlisiniz. Eyni zamanda siz namuskaranə davranmağı da bacarırsınız, – dedim. – Əmin olun! – deyə cavab verdi. Nahar süfrəsi hazır idi. Nina bizi süfrəyə dəvət etdi. Nahardan sonra Nina və İraida pianoda çalıb-oxudular. Qonaqlar getməyə qalxarkən Nina Mahru xanımın qoluna bir qızıl saat bağladı. İraidanın barmağına isə bir brilyant üzük taxdı. Bizim İraida və Mahru xanım ilə olan yaxın tanışlığımızın və sıx əlaqəmizin əsası buradan başlandı. Qonaqlar getdikdən sonra Nina Mahru xanımın Abşeron alayı komandiri Smirnovla sevişdiyini mənə söylədi. Buna da Mahrunun qardaşı sərdar Rəşid səbəb olmuşdu. * * * Miss Hanna Bu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım. Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım. Qapı vuruldu, Hüseynəli əmi qapıya getdi və yenə tez qayıdıb: – Sizə məktub gətirmişlər, – dedi. – Kimdir? – Cavan bir Təbriz uşağıdır. – Nə üçün məktubu alıb gətirmədin? – Vermədi. Dedi ki, şəxsən özünə verməliyəm! – Elə isə burax gəlsin. Cavan dəhlizə girdi, məktubu mənə uzatdı. Məktub miss Hannadan idi. Məktubu gətirən cavana beş qran verib yola saldım. Miss Hama belə yazırdı: eMöhtərəm Əbülhəsən bəy! Özüm sizin yanınıza gəlməyə cəsarət etmədim, bəlkə də, mənim bu ziyarətim işlərinizə maneə törədərdi, görünür ki, siz də məni axtarıb tapmaq fikrində deyilsiniz. Mümkün isə bu gün saat beşdə cMəcidülmülkə mehmanxanasına gəlin. Xüsusi işlərim haqqında sizinlə danışacağam. Yazmayıram, gələndən sonra hər bir məsələni danışarıq. Ələkbər yoldaşa salam. Hələlik! Hannab. Məktubu oxuyub otağa girdim. Ələkbər yoldaş getməli olduğundan naharı tez yeməli idim. Nahar bitməmiş fayton gəldi. Ələkbər yoldaş ilə vidalaşdıq. tez qayıtmasını bir daha tapşırdım. Mən evdən saat beşin yarısında çıxdım, saat beşdə cMəcidülmülkə mehmanxanasının pillələri ilə yuxarı qalxırdım. Miss Hannanın dəhlizdə gəzişərək məni gözlədiyini gördüm. O mənə dəhlizdə heç bir söz demədi, yalnız əlimdən tutub otağına apardı. O, bir neçə saniyə məni diqqətlə gözdən keçirdikdən sonra bir daha əlimi tutaraq dedi: – Nə üçün bu tezliklə dəyişdiniz? – Mən dəyişməmişəm. – Yox dəyişmişsiniz. Siz artıq məni müdafiə edən, bir aydan artıq mənsiz nəfəs çəkməyən, yemək istəməyən, bütün varlığı ilə məni məmnun buraxmağa çalışan zat deyilsiniz! Mən onun əlini sıxaraq: – Yanınızda duran - yenə də özünü sizin sərəncamınıza verməyə hazır olan adamdır. Lakin bir həftədən bəri sizi ziyarət üçün nə qədər çalışdımsa, vəziyyət bu ziyarətə imkan vermədi. Zənnimcə, Təbrizdə uzun müddət qalacağımızdan ziyarətlərin həddi-hesabı olmayacaqdır. Siz də bundan razı qalacaqsınız. – Peyğəmbərlik etməyə lüzum yoxdur, – deyə qız məni geriyə çəkib qoltuqlu səndəldə oturtdu, – uzun səfərimizə baxmayaraq, lazımi sözləri lazımi qədər danışa bilməmişik. Bunun üçün də tək yaşamaq qərarına gəlmişəm. – Özü də oturdu, hazırlıq da görmüşdü. O, yenə mənə müraciətlə: – Saata baxmağa lüzum yoxdur. Axşam yeməyini burada yeməlisiniz, sizdən bəzi məsləhətlər almaq istəyirəm, – deyə bir stəkan çay töküb yanıma qoydu, özü üçün də bir stəkan çay töküb mənə ən yaxın olan bir səndəldə oturdu və: – Biz işə başlamışıq, – dedi. – Hansı işə? – Burada Payan adlı bir kənd vardır, Mirzə Həsən ağa Müctəhidin kəndidir. Təbrizdə sirayətedici xəstəliyə tutulanların hamısı bu kəndə sürgün edilirmiş. Biz orada bir təşkilat düzəltmək istəyirik. – Bu təşkilatın vəzifəsi nədən ibarət olacaqdır? – Orada xəstəxanalar düzəldib, xəstə qadınların uşaqlarını alıb tərbiyə edəcək və Amerikaya göndərəcəyik. Mən həmin cəmiyyətin sədriyəm. Buradakı müvəffəqiyyət mənim müvəffəqiyyətimdir. Bu barədə sizdən yardım gözləyirəm. Bizə yerlilərdən inanılmış adamlar lazımdır, o adamları isə siz bizə verməlisiniz. Siz verəcəyiniz adamlar orada bizə hər bir inzibati yardım verməlidir. Cəmiyyəti-xeyriyyənin bütün təsərrüfat və təşkilat işləri həmin adamların əlində olmalıdır. Kənd şəhərdən uzaqda, əhalisi xəstələrdən ibarət olduğundan hökumətin inzibati qüvvəsindən məhrumdur. Amerikalı həkimləri isə orada müdafiəsiz buraxmaq olmaz. Bizə inanılmış, cəsarətli adamlar lazımdır. Digər bir vəzifəm daha vardır. Amerika konsulxanası məni Şərq dillərinin mütərcimi və gizli işlər müdiri təyin etmək istəyir. Bu barədə Tehrandan da teleqrafla soruşulub icazə alınmışdır. İndi siz söyləyin, Təbrizdə qalmaq, başladığımız işi davam etdirmək mümkün olacaqdırmı? – Nə üçün mümkün olmasın? - deyə soruşdum. – Mən Şərqdə bir çox yerlər görmüşəm, lakin Təbriz onların heç birinə bənzəmir, bunu konsulun özü də, xanımı da mənə söyləmişdir. Buranın mühiti mürəkkəb və başgicəldici mühitdir. Burada yaşamaq üçün hər addımı yoxlamaq, hara qədəm qoyulduğunu bilmək lazımdır. Hər halda, mən yalnız sizə inanıram və məsləhət edirəm, fikriniz nədir? – Qorxulacaq bir şey yoxdur, – deyə onu əmin etdim, - yerli xalq xaricilər haqqında olduqca nəvazişkardır, xüsusən amerikalılara qarşı azacıq narazılıq hiss edilməz, biləks onlara qarşı məhəbbət bəsləyirlər. Sizin konsulxanada vəzifə götürmənizi mən səmimi bir yoldaş kimi təbrik edirəm. Uşaqları xəstələrdən alıb tərbiyə etmək işində də yerlilər sizə hörmət bəsləyəcəkdir. İstədiyiniz inanılmış adamlara gəldikdə, onları da mən özüm tanıdığım, etibar etdiyim gənclərin arasından seçib verəcəyəm. O adamlar yalnız təsərrüfat, təchizat işində deyil, bir hadisə təqdirində amerikalıları silahları ilə də müdafiə edə bilərlər. İstədiyiniz zaman bu adamları hazır edə bilərəm. Miss Hama şadlığından bir daha əlimi sıxdı, rəngi qızardı, vücudu titrədi, lakin bunu hiss etdirməmək üçün ikinci çayı süzməyə başladı. Mən, doğrudan da, çıxılmaz bir vəziyyətdə idim. Qızın məqsədini Livarcan yaylasında ikən hiss etmişdim. Onu rədd etmək mənə çox ağır gəlirdi. Əvvəla, amerikalıların yardımına ehtiyacımız var idi. İkincisi də, mənə səmimi olaraq bağlanmaq istəyən bu gənci heç bir bəhanə olmadan rədd etmək onun həyatının tarixində silinməyən və unudulmaz bir təhqir ləkəsi olub qalacaq idi. Digər tərəfdən də mənim ona bağlanmağım ondan daha səmimi, daha gözəl olan, hətta inqilabda mühüm rol oynayan Ninanı təhqir etmək demək idi. Onsuz da mən Ninanın rahatlığını pozmuş və aylardan bəri qeyri-müəyyən bir vəziyyətdə qoymuşdum. Miss Hamnanın inqilaba qarşı münasibəti də aydın deyildi. Məncə, amerikalı qız rusların və ingilislərin istilasına qarşı Amerika nöqteyi-nəzərindən nifrət bəsləsə də, məsələ İran-Amerika mənafeyi məsələsinə gəldikdə, onun yenə də müstəmləkəçi və kapitalist bir ünsür olaraq qalacağı gözlənilə bilərdi. Mən onun həqiqi inqilabçı bir qız olduğunu bilsə idim, heç də çətinlik çəkməzdim, qəlbimdəkiləri ona açar, həyatımın başqa birisi ilə dolaşıq düşdüyünü söylərdim. O da bir inqilabçı kimi məni dinlər, başqasının həyat yollarında tikan əkməkdən vaz keçərdi, həyat yoldaşlığından məhrum olsa da, məslək, əqidə yoldaşlığını davam etdirərdi. Lakin elə bir qızın, elə bir gözəlin, sevgini məslək yoldaşlığı ilə əvəz edən bir qızın miss Hanna olduğuna inana bilməyirdim. Düşüncələrdən bir şey çıxmayacaq idi. Burada məsələnin həllini istiqbalın ixtiyarına buraxmaq lazım gəlirdi. Digər tərəfdən onun etdiyi təklif bizim mühüm bir ehtiyacımızı təmin edəcəkdi. Həsənağa və Tütünçüoğlunu onların Payan kəndindəki işlərinə düzəltdikdən sonra əlində aciz qaldığımız silahları da Təbrizdən ora daşıda bilərdik. Çayı içdik. Axşam yeməyinə qədər bir çox məsələlərdən danışdıq. Söhbətimizin mərkəzini rusların Azərbaycandakı hərəkətləri təşkil edirdi. – Onlar amerikalılara da xoş gəlmirlər, – deyə miss Hanna ruslar haqqında fikrini anlatmağa başladı. – Qabadırlar, məhəlli şəraiti düşünmürlər, nə üçün gəldiklərini gizlədirlər, – və bir qədər düşündükdən sonra: – Otelə gəlmək sizin üçün münasibətsiz deyil ki? deyə soruşdu. – Bunu nə üçün soruşursunuz? – Onu demək istəyirəm ki, bura gəlməniz münasibətsiz isə başqa bina tutmaq da mümkündür. – Sizə hansı biri əlverişli isə onu intixab etməlisiniz. – Mən sizinlə sərbəst görüşmək üçün bina tutmaq istəyirəm, buna cəmiyyət və konsul da tərəfdardır. Onlar mənim oteldə yaşamağıma razı deyildirlər. – Elə isə nə üçün bina tutmayırsınız? – Tutacağam, bir qadın xidmətçisi gətirəcəyəm. Müəyyən və maneəsiz bir həyat düzəldərik. Culfa hadisəsini, xüsusən oradakı ziyafətləri, Livarcan yaylasındakı tarixi həyatı, hamısını Amerika konsuluna söyləmişəm. Sizdən nə qədər razı qaldıqlarını və sizinlə nə qədər maraqlandıqlarını təsəvvürə gətirə bilmərəm. Onlar yaxın zamanda bir ziyafət təşkilini və sizi onlarla tanış etmək vəzifəsini mənə tapşırmışlar. – Mümkün olarsa, bir ziyafət təşkil edər və onlarla tanış olarıq, – dedim. O: – Sabah sizin vədə verdiyiniz iki nəfəri gözləyəcəyəm. O məsələ sabah həll edilməlidir. – Mümkündür. – Biz də görüşməliyik. Sıx-sıx görüşməliyik. Sonra sizin şəxsi işləriniz haqqında bir neçə söz danışmaq istərdim. – Hansı işlərim haqqında? – Ticarətinizin genişlənməsi, inkişaf etməsi haqqında bir neçə söz deməliyəm. Konsul sizi Amerika firmalarına tanıtmaq və yerli ticarətlə bağlanan bir sıra sazişləri sizin vasitəniz ilə etmək istəyir. Təbiidir ki, burada konsul sizin mühüm bir qazanca nail olacağınızı nəzərdə tutmuşdur. – Çox razıyam, ehtiyac hiss edildiyi vaxt konsulxananın bu lütfündən istifadə edəcəyəm. Lakin hələlik buna ehtiyac hiss edilmir. Öz sərmayəmlə işlərimi adi yoluna qoymuşam, – dedim. Mən vidalaşıb çıxmaq istədikdə o mənim əlimi buraxmadı, sözlü bir adama bəzəyirdi. * * * Silahlar İclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi. Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım. Mən əvvəlcə amerikalıların Payan kəndində təşkil etdikləri xeyriyyə cəmiyyəti üçün məndən adam istədikləri haqqında məlumat verib, Həsənağanın və Tütünçüoğlunun ora işə təyin edilməsini və eyni zamanda Təbrizdə olan bütün silahların sağ-salamat Payan kəndinə daşıdılıb Amerika koloniyasında yerləşdirilməsini təklif etdim. Bu təklifi hamı qəbul etdi. Bu iş amerikalı qızla başladığım tanışlığın ilk nəticəsi idi. İkinci məsələ Xoydan gəlmiş məktubun oxunması və müzakirəsi idi. Məktubu mən oxudum: €Xoy konsulxanası ətrafında indiyə qədər Xoyda görünməyən bir çox adamlar zühur etmişdir. Kürd ağalarından Səid bəy, Şeyx Barzan və İsmayıl ağa Səmitkov, rus konsulu Çerkovun evinə gedibgəlməkdədirlər. Rus konsulunun təklifinə görə, konsulun himayəsində olan məşhur rus tərəfdarı Hacı Həsənağa dəxi tacirbaşılığa təyin olunmuşdur. Qaladan kənarda, məşhur Dağ bağı ilə qabaq-qabağa olan bir məhəllədə yeni rus konsulxanasının təməli qoyuldu. Xoy tacirləri konsulu təbrik üçün getdilərsə də, konsul xəstə olduğu üçün onları ancaq katibi qəbul etdi. İnqilabçılardan şəhərdə qalan çox azdır. Hər kəs bir tərəfə getmişdir. Şəhərdə olanlar da dışarı çıxa bilmir. Əmir Tumanın adamları inqilabçıların siyahısını tutub rus konsuluna vermişdir. Bunların hamısından sonra silahların qeydinə qalmalıdır. Onların haqqında ciddi danışıqlar aparılır. Maku sərdarı İqbalüssəltənə bu barədə Xoy hökumətinə məktub göndərmişdir. Məktubda Xoyda olan silahların Makuya qaytarılmasını tələb edir. Onun iddiasına görə, o silahların hamısı Maku ordusundan alınmışdır. Vəziyyət ağırdır. Rus konsulxanası yanındakı rus soldatlarının sayı artır, cürbəcür zabitlər və müxtəlif rütbəli rus sahib-mənsəbləri gözə çarpır. Sirusə. Xoy inqilabçılarından Məşədi Tağının (Sirus onun ləqəbi idi) yazdığı məktubu oxuduqdan sonra silah məsələsi məni çox düşündürdü: – Xoy şəhərində silah çoxdur, – dedim, – özüm görmüşəm, bunları Maku sərdarının və ya çar konsulunun əlinə vermək olmaz. İclas bir səslə Əbülqasım xanın Xoy şəhərinə getməsini və silahların şəhərdən çıxarılıb bir tərəfdə gizlədilməsini qərara aldı. Əbülqasım xanın özü də razı oldu. Onun Xoy ilə Səlmas arasındakı Kotçi kəndində tanışları və qohumları vardı, silahları onlara tapşıracaqdı. Bundan sonra Mirzə Mahmud müctəhid üçüncü məsələ haqqında məlumat verərək: – Rəfiqləriml – dedi. Müctəhidin səsində bir ümid və etimad hiss olunurdu. – İclalülmülk ilə görüşdüm. O, bəndəni böyük bir hörmətlə qəbul etdi. Bəndə məhz əhval pürsan olmaq və cənabın səhhət-məzacını bilmək üçün hüzurlarına müşərrəf olduğumu izhar etdim. Bəndə söz arasında Təbrizin övzaindən danışdım, şəhərdə nizam və qayda olmadığını ərz etdim, nəzmiyyənin zəifliyindən danışdım, bu təşkilatı gücləndirmək lazım gəldiyini ərz etdim. Onun özü də bunu təsdiq etdi. Bəndə Əmir Heşmətin nəzmiyyə rəisliyinə daha layiq bir zat olduğunu söylədim. İclalülmülk isə: – Hərgah cənab Əmir Heşmət bu mənsəbi qəbul etsə idi, mən özüm də razı qalardım, – dedi. Bundan sonra mən də Əmir Heşməti İclalülmülkün yanına göndərməyi və onu bu vəzifəyə razı salacağımı da cənab İclalülmülkə vədə verib xudahafizləşdim. Sabah saat birdə rəfiqimiz Əmir Heşmət İclalülmülkün hüzuruna təşrif aparmalıdır. Müctəhidin bu məlumatı hamımızı məmnun etdi. Bundan sonra biz sabah İclalülmülkün yanına gedəcək Əmir Heşmətə bəzi tapşırıqlar verdik. Onun İclalülmülkün təklifinə cavab olaraq nə kimi tələbləri irəli sürməsini qərarlaşdırdıq. Başlıca tələbimiz nəzmiyyənin hazırkı tərkibini dəyişməkdən ibarət idi. Bu təşəbbüsdə əsas məqsədimiz oraya Təbriz müdafiəsində iştirak edən inanılmış adamlarımızı keçirmək idi. Axşam saat altıda iclasdan çıxdım, yolda öz-özümə düşünür və rusların bütün İran Azərbaycanını işğal edəcəyini fikirləşirdim. Neçə gündən bəri konsulxanadan da mühüm bir məlumat alınmamışdı. Lakin Ninanın şifrə müdiri müavini təyin olunması məni sevindirir və ümidlər verirdi. Ninanın evinə girərkən Təhminə xanımın oğlu Həsənağa oradan çıxırdı. O, təzə meyvə alıb gətirdiyini və yenə də Payan kəndinə gedəcəyini söylədi. – İşləriniz necə gedir? – deyə Həsənağadan soruşdum, – amerikalılar sizdən razı qalırlarmı? – Olduqca razıdırlar. Onların böyükləri (miss Hannanı demək istəyirdi) tapşırmışdır ki, hər bir işlərini bizim əlimizlə görsünlər. – Silahların yeri qorxulu deyil ki? – Min il də orada qalsa, tapa bilməzlər. Onu bir Tütünçüoğlu, bir də mən bilirəm, yer quru və təmizdir. Mən ondan razılıq edərək Tütünçüoğluna salam söyləməsini, eyni zamanda mənim amerikalı qız ilə tanışlığım haqqında nə anasına, nə də arvadı Nazənin xanıma və bacılarına bir söz deməməsini bir daha tapşırdım. O güldü və: – O barədə əmin olun, mən inqilab içində böyümüşəm, – deyə getdi. Mən balkona çıxdıqda Məcid ilə Təhminə xanımın məşğul olduğunu və Ninanın nahar süfrəsini düzəltdiyini gördüm. Bu gün Məcid mənimlə ilk dəfə olaraq rusca danışaraq dedi: – Səni iki saatdır ki, gözləyirik, nə üçün hər gün gec gəlirsən? Nina güldü, işini buraxaraq Məcidi qucağına alıb öpdü. Nahardan sonra Təhminə xanım Məcidi yatırmaq üçün öz yataq otağına apardı. Nina isə adəti üzrə öz üst paltarını dəyişmək üçün paltar otağına keçdi, mən də masa üzərindəki rusca qəzetləri araşdırmağa başladım. Əlimə 4Novoye vremyaə qəzeti keçdi, orada İran Azərbaycanı haqqında yazılmış uzun bir məqaləyə təsadüf etdim. Məqalə açıq rus millətçiliyi nöqteyi-nəzərindən yazılmışdı. Hər sətrində mədəni avropalılar və ruslar vəhşi iranlılara qarşı qoyulurdu. Nina başdan-ayağa qədər ağ ipəyə bürünmüş bir halda otaqdan çıxdı. Divan üzərində oturdu, əlimi əlinə aldı və o biri əli ilə əlimin üzərinə vuraraq: – Çox fikirlisən, – dedi. – Sevgidə təcrübəsiz və gəncliyə yeni qədəm qoymuş bir uşaq kimi baxırsan, gözlərindən məhrumiyyət və ümidsizlik yağır. – Doğrudur, – deyə zahirən gülümsünərək cavab verdim, – belə olmağa haqqımız vardır. Nina, biz bir ordu idik, bir hökumətə qarşı durmuşduq, indi isə bir masanın başını dolduracaq qədər qalmışıq, vəziyyəti idarə etmək mümkün deyildir. İnqilab qəhrəmanları isə bunu düşünmürlər, – deyə Səttar xana məktub yazdığımı və cavab aldığımı Ninaya söylədim. – Sənə inanıram, möhkəmsən, işində yanılmamışsan, yenə də ehtiyatlı olmalısan. Lakin bir şeyi də unutma ki, Səttar xan Osmanlı konsulxanası ilə əlaqədə olduqca onunla əlaqəni kəsməlisən. Çünki o bədbəxt konsulxananın katibliyindən başlamış şifrə müdirlərinə, kuryerlərinə qədər çar casuslarıdır. İstanbul və Tehrandan verilən bütün teleqrafların şifrələri rus konsulxanasında oxunur. Osmanlı şifrələrinin tez-tez dəyişilməsinə baxmayaraq, yenə hər kəsdən əvvəl bu əlamətlər rus konsulxanasının əlinə düşür. Nümunə üçün dünən Tehrandan Təbrizdəki Osmanlı konsulxanasına göndərilən şifrəli teleqramlardan birisini oxuyum, qulaq as, – deyə Nina bir kağız çıxarıb oxumağa başladı: €Tehranda Almaniya nüfuzu qalib gəlməkdədir. Azərbaycana hökumət təyini məsələsində Rusiya və İngiltərənin qoyduğu namizədlər keçmədi. Təbriz hökumətinə məşhur alman tərəfdarı Müxbirüssəltənə təyin olundu. Onun Azərbaycanda nüfuz qazanması üçün zəmin hazırlamalısınız. Səttar xana əhəmiyyət verməli, onu ələ almalısınız. Azərbaycan istiqlalı məsələsi tədrici məsələdir, onu Səttar xana anladınız. Hələlik o, Müxbirüssəltənəyə və Tehran hökumətinə tabe olmalıdırə. – Bu teleqramın tərcüməsi həm Tehrandakı rus səfiri və həm də Peterburqda Orta Şərq işləri müdiri Klemmə göndərilmişdir, buna görə də Rusiyanın buralarda ciddi işlərə başlayacağı şübhəsizdir. – Məsələ aydındır, – dedim, - biz rəhbərlərin Osmanlı konsulxanasında oturmaları nəticəsində Azərbaycanın bir fəlakət qarşısında duracağını bilirdik, lakin biz onları başa sala bilmədik ki, alman dostu olmaq başqa, alman aləti olmaq isə başqadır. – Nəticə meydandadır, – deyə Nina əsəbiləşdi. – Bu günlərdə Şirvan alayının Ərkan hərb zabitlərindən iki nəfər, 21-ci topçu briqadasının alay komandanı və başqaları Xoy şəhərinə gedəcək və orada yerləşdiriləcək rus ordusunun mövqeyini təyin edəcəklər. Bundan başqa, Maku xanlığı müstəqil bir xanlıq hesab olunduğundan orada rus konsulxanasının təşkili üçün Peterburq və Tehrandan əmrlər alınmışdır. Hətta Alferovun Maku konsulluğuna təyini də gözlənilir. Urmuda və Savucbulaq tərəflərində də konsulluq təşkili məsələsini düşünürlər. Bu barədə Təbriz, Tehran və Peterburq arasında müzakirə davam edir. Almanların intriqası da rusların əlinə bəhanə verir ki, bu da osmanlıları təhdid edən gələcək fəlakətin başlanğıcıdır. – Doğrudur, – dedim, – Almaniya-Rusiya imperializminin toqquşacağı şübhəsizdir. Rusiya Bağdad dəmiryolunu təhdid etmək, Türkiyənin Anadolu ölkələrini işğal etmək üçün bir bəhanə axtarmaqdadır. Buna ingilislər də tərəfdardır, çünki Bağdad dəmiryolu Rusiyanı deyil, İngiltərəni daha çox təhdid edir. – Bəs biz nə etməliyik? – deyə Nina soruşdu. – Biz kütlələri İran Sosial-Demokrat firqəsinin ətrafında toplamalı, rusların hiyləsini işfa etməli, siyasi macəraların qarşısını almalı, inqilabi hərəkatın güclənməsinə çalışmalıyıq. Burada sizin üzərinizə daha mühüm bir vəzifə düşür. Siz bizim təşəbbüslərimizi möhkəmləndirməlisiniz. Nina sözümə qüvvət verərək: – İran inqilabı Rusiyada baş verən beşinci il inqilabının yavrusudur, onu ruslar da boğmağa çalışır. Biz indilik böyük bir ağacın kiçik budaqları ilə mübarizə aparırıq. Lakin Rusiyanı öz kölgəsi altına almış, budaqlarını Şərqin hər tərəfinə uzatmış bu ağac kökündən qoparılmayınca, biz mübarizədə qalib çıxa bilməyəcəyik, – deyə ayağa qalxdı, otağın içərisində bir-iki baş gəzindikdən sonra: – Qalx, dışarı çıxalım, qalx, ürəyim partlayır! – dedi. – Məqsədin nədir? – deyə soruşdum. – Gəzməyə gedək. Təhminə xanım: – Getsəniz də, evə tez qayıdın, gecdir, – dedi. – Uzaq getməyəcəyik, ya sizə gedib qızları görəcəyik, ya da yoldaşın təzə evini görməyə gedəcəyəm, – deyə Nina onu arxayın etdi. Dışarı çıxdıq. Təhminə xanımın evi yolumuzun üstündə idi. İçəri girdik. Nina qızlara və gəlinləri Nazənin xanıma müraciətlə: – Tez geyinin, qonaq gedirik, – dedi. – Hara? – deyə Nazənin xanım soruşdu. – Yoldaşın təzə mənzilinə. Biz oranı görməmişik, o bizi qonaq çağırmışdır. Qızlar və gəlin heç bir söz demədən getdilər. Həsənağa da bizi müşayiət etdi. Yol uzunu mən düşünürdüm: evdə hər şey mümkün idi, lakin mənzilimə ilk dəfə gələn qızlara və gəlinimizə bir hədiyyə vermək lazım idi. Həyətə girərkən Hüseynəli əmi bizi qarşılayıb: – Ay bala, harada qaldın? – deyə məndən çox nigaran qaldığını bildirdi. – Gedəndə demirsən ki, hara gedirəm, ağagildən də dörd dəfə gəlib soruşublar. Hüseynəli yanımdakı Təbriz qadınlarına bənzəməyən dörd nəfər qadını görüb təəccüb etdi, o gah mənə, gah onlara baxmağa başladı. Hüseynəli əminin arvadı Səriyyə xala da burada imiş, o da irəli gəlib qızları gözdən keçirdi və yavaşca ərinə: – Oxşuyurlar da, oxşamırlar da, saçları qaradır, matuşqaya oxşamırlar, – dedi. Hüseynəli əmi yavaşca ona acıqlanıb: – Arvadlığına salma. Sənin nə borcun vardır, – deyə gülləri sulamağa məşğul oldu. Nina və qızlar əvvəlcə həyəti gəzdilər. Nina həyəti daha maraqla gözdən keçirirdi. Otaqları da gəzdik. Sonra hovuzun önündəki masanın ətrafında oturduq. Bu gün bağça suvarıldığından hovuza çox su buraxılmışdı, fəvvarə şiddətlə vururdu. Hüseynəli yenə də Səriyyə xala ilə danışır və dalaşırdı. Yenə də mübahisə qızların rusluğu üzərində gedirdi. Bir az keçdikdən sonra Məşədi Kazım ağanın xidmətçisi gəlib məni soruşdu. Hüseynəli əmi ona: – Ağa gəlibdir, qonaqları da vardır, – deyə cavab verib yola saldı. Ninanın ev və bağça çox xoşuna gəldi. Odur ki, «Mənim üçün də belə bir həyət tapmalı idin!» – deyirdi. – Dəyişdirmək mümkündür, – dedikdə fikrini dəyişib etiraz etdi. – Mənə belə həyət yaramaz. Hovuz vardır, Məcid üçün qorxuludur, – dedi. Məşədi Kazım gəldi. Həyətə girmək üçün icazə istədi, mən özüm onu qarşılayıb masanın yanına gətirdim, qızlara və gəlinə müraciətlə: – Bu zat mənim yaxın dostum Məşədi Kazım ağadır! – dedim. Sonra masa başında oturanları bir-bir Məşədi Kazım ağayla tanış etdim. – Bu mənim yoldaşım və haqqında sizə söylədiyim Nina xanımdır. Bunlar da mənim bacılarım Sənubər və Töhfə xanımlardır, bu da bizim möhtərəm gəlinimiz Nazənin xanımdır. Məşədi Kazım ağa gözlərinə inanmırdı. O, xəyalına gətirə bilmədiyi şeyi həqiqətdə görürdü. Təbrizli qızları başıaçıq, avropalı qiyafəsində olaraq kişilərlə bir masa başında oturmuşdu. Hələ qızların Nina ilə rusca danışmaları Məşədi Kazım ağanı tamamilə heyran buraxmışdı. Məşədi Kazım ağa gördüklərindən çox məmnun idi. Çünki o da Təbrizdə qadın açıqlığının birinci tərəfdarlarından idi. Mən aralıqdakı sükutu pozaraq Məşədi Kazım ağanı danışdırmaq istədim və: – Deyin görək, yeni nə xəbər vardır? – dedikdə onun dəsmalını çıxarıb gözlərini sildiyini və ağladığını gördüm. O, sevincindən ağlayırdı: – Məni bağışlayın, – deyirdi, – üzr istəyirəm, sizi narahat etdim, indi mən özümü tamamilə başqa bir dünyada hiss edirəm. Elə bil ki, bu gün mən yüz il bundan sonrakı İranı görürəm. Əcəba, gözümün qarşısında oturanlar bədbəxt, əsir Təbrizin qızlarıdırmı? – deyərək yenə də ağlamağa başladı. Mən ona ürək verərək: – Bəli, iranlı qızlarıdır, – dedim, – Ninanın yoldaşları, mənim doğma bacılarımdan artıq sevdiyim qızlardır. Bu da mənim qardaşım Həsənağanın rəfiqəsi Nazənin xanımdır. Oxumuş və yeni tərbiyə almış qızlardır. – Siz bunların miqdarını artırmaq üçün çalışmalısınız. – İranın mədəni, siyasi intibahçı, inqilabçı nəslini ancaq bu kimi qızlar yaradacaqdır. İranda qadın açıqlığı, mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlayır. – Biz bu gəncliyi böyütməyə və inkişaf etdirməyə çalışmalıyıq. Məşədi Kazım ağa hələ də qızların ona bağışladığı təsirdən özünü ala bilməmişdir. Danışa bilməyirdi. – Çox böyük işlər görülmüşdür, – deyirdi. – Bizim heç bir şeydən xəbərimiz yox imiş. Bizim qadın açıqlığı barəsindəki fikrimiz yalnız xəyallarda dolaşırdı. – Təbrizdə belə bir cəmiyyət var idimi? – deyə soruşdum. – Bəli, düzəltmişdik, işimiz qabağa getmədi, adına cürbəcür böhtanlar atdılar, ünvanımızı gah «əleyhüm cəmiyyəti» (yəni lənətullah əleyhümilcəmi) qoydular, gah da «cəmiyyəti-ba ünvan» dedilər, müxtəsər ki, işimiz qabağa getmədi. – Üzvlərinizdən Təbrizdə çoxdurmu? – Çoxdur! – Onları bir yerə toplamaq, yenidən işə başlamaq və cəmiyyətin dayanmış işini canlandırmaq lazımdır, – dedim. Vaxt keçirdi. Qızlar və Nina evə dönməli idi, xüsusən Nina Məciddən nigaran idi. Məşədi Kazım ağa bir az əvvəl kiçik qapıdan öz evinə getmişdi. Bir az sonra onun yenə qayıtdığını gördük. Onun dalınca dörd nəfər qadın qulluqçusu, hərəsinin əlində bir zərrin boğça olaraq gəlib həyətdə durdu. Mən qızları ötürmək üçün küçəyə çıxdıqda qadınlar da boğçaları götürüb bizim dalımızca gəlirdilər. Boğçaların üçünü Təhminə xanımın evinə, birini isə Ninanın evinə gətirdilər. Bunlar Məşədi Kazım ağanın qiymətli hədiyyələri idi. Sonradan öyrəndiyimə görə, boğçalarda zərif alman corabları, ipək parçalar, ipək dəsmallar, gümüş redikülllər, brilyant üzüklər və sair şeylər var imiş. Ninanın hədiyyəsi içərisində əlavə olaraq bir almazlı qolbaq, dəxi, vardı. * * * Payan kəndi Səhər çay içərkən qapı vuruldu, bir azdan sonra Hüseynəli əmi bir məktub gətirdi. Məktubu miss Hanna yazmışdı. Məktubda yeni binaya köçdüyünü və bu gün Payan kəndinə gedəcəyini yazmış, məktub gətirən uşaq vasitəsilə onunla görüşməyi rica etmişdi. – Get xəbər ver, məni gözləsin! – deyə çayımı içib qalxdım və getməyə hazırlaşdım. Mən özüm də bu kənd ilə çox maraqlanırdım, xüsusən silahların harada gizləndiyini bilmək istəyirdim. Hüseynəli əmiyə bəzi tapşırıqlar verdim və nahara gələcəyimi də Məşədi Kazım ağaya söyləməsini tövsiyə edərək evdən çıxdım. Miss Hanna yol paltarını geyib məni gözləməkdə idi. O məni görər-görməz: – Çay içdinizmi? – deyə soruşdu. – İçmişəm. – Kimlə içdiniz? – Hüseynəli əmi ilə. – Bundan sonra çayı da, yeməyi də bir yerdə yeyib-içməliyik. Otaqlar sərbəst otaqlardır, burada yaşaya da bilərsiniz. – Xeyr, sizi narahat etməyə cəsarət etmərəm. Mənim yanıma gəlib-gedən çox olur. – Olsun, mənə əziyyəti yoxdur. Otaqların ikisini sizin yanınıza gələnlər üçün hazırlamaq mümkündür. O məni evdə gəzdirib, bir-bir otaqlarını göstərməyə başladı. Dörd otaqdan yalnız ikisi döşənmiş idi. Miss Hanna otaqları Şərq otaqlarına bənzətmək istəmişdisə də, müvəffəq olmamışdı. Lakin burası bir avropalı evi də deyildi. Çünki yerə xalılar döşənmişdi. Evində ixtiyar bir amerikalı qadın, bir də on beş yaşlarında təbrizli bir oğlan uşağı xidmətçi saxlamışdı. Miss Hanna əlimdən tutub amerikalı qadına ingiliscə nə isə söylədi, qadın başı ilə salam verdi. Biz qayıdıb balkona çıxdıqda miss Hanna əvvəlki sözünü təkrar etdi: – Sizin rahətinizi təmin edəcəyəm, bura köçməyə söz verməlisiniz. Mən bu sözün cavabını vermədən xidmətçi oğlan gəlib faytonun hazır olduğu xəbərini verdi. Dışarı çıxdıq, faytonumuz Təbrizin şimal-şərqinə doğru irəliləməyə başladı. Yolumuz Bağır xanın səngərlərinin yanından idi, dağıdılmış səngərlərin yerində rus qaravul postları durmuşdu. Təbriz küçələrində eşşək hərəkəti əvvəlki kimi idi. Bağlara zibil və peyin, hamamlardan kül, bağlardan qayıdanda meyvə, səbzi, qovun, qarpız, üzüm daşıyan uzunqulaq karvanlarını yarıb keçməyə məcbur olan faytonumuz çox yavaş gedirdi. Minik eşşəklərinin də həddi-hesabı yox idi. Dükanlar açılan vaxt olduğundan, qulaqlarını sallayaraq Təbrizin şərqindən qərbinə, şimalından cənubuna doğru hərəkət edən ağ eşşəklər qəribə bir mənzərə təşkil edirdi. Tabaqçılar yenə də ikipudluq tabağı başına qoyub səslənməkdə idilər: – Gəl, Təbrizəyidu, əskəridu, ağa malıdu, ərbab malıdu... Rübəndli və rübəndsiz qadınlar da adətləri üzrə başlarında böyük bağlama o tərəf-bu tərəfə getməkdə idilər. Qarpız təzəcə çıxmışdı. Yolumuz qarpızçı dükanlarının yanından idi. Bura Bağır xanın son səngəri olan küçələrdən biri idi. Keçdiyimiz yerdə çox adam yığılmışdı. Burada qaravul postu olduğundan bir hadisə baş verdiyini zənn etdik. Faytonu saxlatdırdım. Qaravulda duran soldatlardan bəziləri camaatın içərisində görünürdü, ara-sıra şillə səsləri də gəlirdi. Diqqətlə baxdıq və belə bir səhnənin tamaşaçısı olduq: Soldatlar qarpız satan dükanın qabağında durmuşdu, yerlilərdən bir çoxu qarpız kəsib yeməkdə idi, qolları çırmalanmış yerli kişilər biri digəri ilə müsabiqə aparırdı, rus soldatına bir qarpız bağışlayır və əvəzində boynuna şillələr endirirdi. Soldat boynunu əyir, qarpız hədiyyə edən isə əlini vedrədəki suya basıb bütün qüvvəsi ilə soldatın boynuna şillə yapışdırırdı. Kənardakılar isə «olmadı, olmadı» deyə qışqırırdılar. Bundan sonra isə digər birisi digər bir soldatı irəli çəkib boynunu əli ilə əyir, soldat «riku»ə gedən kimi əllərini dizlərinə söykəyib durur, onun boynuna sulu bir şillə ilişdirirdilər. – Məhəmmədağanın şilləsini göydən gələn göy imam da vura bilməz! – Gədə, sən öləsən, elə bil ki, qələmə ağacı sınırdı. – Gədə, bu yetimin boynunda boyunluq qoymadın ki. Müxtəsər, bir neçə dəqiqənin içərisində yeddi-səkkiz soldatın boynunu qızartdılar. Boynu qızarmış soldatın hər birisi qoltuqlarında böyük bir qarpız öz postlarına qayıtdılar. Boyunları çuğundur kimi qızarmış soldatlar bir-birinə: – Axmaqlar, bundan nə həzz alırlar? Doğrudur, adamın boynuna bir az əziyyət verir, lakin qarpız da ucuz şey deyildir, – deyə təəccüb edirdilər. Digər birisi: – Bu, yerlilərin idman oyunudur, – deyə cavab verirdi. O birisi isə: – Boks kimi bir şeydir. Şərqdə bu adətdir, – dedi. Miss Hanna və mən bu halı seyr edərkən təbrizlilərin nə qədər laqeyd, unuducu bir xalq olduğu haqqında düşünürdük. Dərin sükutun qıza qarşı bir etibarsızlıq kimi mənə ediləcəyini duyduğumdan sükutu pozaraq soruşdum: – Payan kəndinə getdiyiniz birinci dəfədirmi? – Bəli, birinci dəfədir, – dedi. Mən yenə də fikrə getdim, doğrusu, təbrizlilərin duyğusuz və təhlükəni gözü önündə görürkən belə, gözünü açmaq istəməyən bir xalq olduğu haqqında düşünməyə başladım. Miss Hanna bunu hiss edib məhzun bir tərzdə: – Bir neçə gündür ki, hiss edirəm, – dedi, – siz daima mənim yanıma gəldikdə, mənimlə görüşdükdə, nədənsə, düşünür və fikrə dalırsınız. Əcəba, mən sizə qarşı uyğunsuz bir hərəkətdə bulundummu? Sizin ruhunuzu oxşamaq, sizi əyləndirmək, daha doğrusu, sizi razı salmaq üçün bir qızdan hər nə tələb edilərsə, hamısını ifa etdim. Çox təəssüf olsun ki, siz gözəl və gəncliyin bütün müsbət cəhətlərini mənimsəmiş bir zat olduğunuz halda, gənc bir qıza, hətta gözəl, sevməyə qadir olan bir qıza çox laqeydsiniz. Fayton onun vücuduna hərəkət verdikcə o, başını mənim çiyinimə qoyurdu. Bəzən qaldırmaq istəmirdi. Mən qızın şübhələrini dağıtmağa çalışmalı idim. Aramızdakı səmimi əlaqəni saxlamaq üçün asan bir yol aramalı idim. – Əziz və gözəl dostum! – deyə miss Hannanın əllərini tutdum. – Siz nahaq yerə mənim sizin sevginizə qarşı laqeyd olduğumu düşünürsünüz. İnsanlar müxtəlif olduğu kimi, onların sevgi qabiliyyətləri də başqa-başqadır. İnsanların bəzisi çox tez sevə bilər, lakin bu sevgi tez başladığı kimi, tez də sönər. Başqa birisi çox gec və təxirlə sevdiyi kimi, o sevgini yaşadar. Bəlkə, özü ilə bərabər qəbrə də apara bilər. Şərqli sevgisi başqa, avropalı sevgisi başqa, amerikalı sevgisi də bir başqadır, bunların hamısı sevgidir, lakin mahiyyətləri və keyfiyyətləri bir deyildir. Mən yalnız sevgili bir qızı quru bir hörmətlə təmin etmək üçün yox, sevmək, hətta başqa gənclərdə təsadüf edə bilməyəcəyiniz bir ürəklə sevmək üçün yaranmışam. Çünki mən qadın arzusunun əsasını təşkil edən ünsürləri yoxlayırkən başlıca olaraq sevgini intixab edə bilmişəm. Qadının ancaq sevgisinə qarşı səmimi bir sevgi qoyulmaqla əsas əməlləri təmin edilmiş olur. – Mən miss Hannanın əlini sıxıb: – Əfv edin, gözəl xanım, – dedim, – bu sözləri haqqımdakı fikirlərinizi batil etmək üçün deyil, öz şəxsi fikrimi sizə bildirmək üçün başınızı ağrıdıram. – Rica edirəm danışın, söhbətiniz maraqlıdır, – deyə miss Hanna məni danışmağa təşviqedici bir halda cavab verdi. – Bizim tanışlığımızın tarixi o qədər uzun deyildir, bu tanışlıq o qədər yaxındır ki, onun günlərini, saatlarını belə saymaq mümkündür. Biz bir-birimizi öyrənərək, düşünərək sevmiş olursaq, sevgimiz tədrici olaraq inkişaf etmiş olursa, istiqbalımız daha da möhkəm olar. Mən laqeyd deyiləm. Mən bir qədər mütəvaze adamam, gec cavab verməyimin səbəbi də yalnız budur. Lakin sizə olan sevgimin daha yüksək bir səviyyəyə qalxmasına çalışıram. Bu sevgi daha möhkəm və daha əzəmətli olacaqdır. Bu sözlərimdən sonra onun bütün vücudu titrədi, əlim əlində, başı çiynimdə olaraq ağladı. Mən onun saçlarını oxşayaraq: – Ağlamağa lüzum yoxdur, hər şey vaxtında lazımdır, – dedim. Qız əlimdən tutaraq iki barmağımı qulaqlarına aparıb dedi: – Bunları, bu qiymətli sırğaları Ələkbər yoldaş mənə gətirdi, bunları mənim üçün aldığınızı söylədi. – O, brilyant sırğaları göstərib barmaqlarımı sarı telləri ilə örtülmüş qulağına basaraq saxladı. Qızın kefi kökələrək səfər xatirələrindən və Livarcan yaylası gecələrindən danışmağa başlamışdı. Şəhərdən kənara çıxmışdıq. Fayton iydə ağaclarının kölgəsi ilə gedirdi. Mən düşünürdüm, üzünə ağ toz qonmuş iydə yarpaqları da sanki düşünməkdə idilər. Sərçələr istinin şiddətindən budaqların kölgəsinə çəkilmiş, dumanlı Təbrizin ictimai və siyasi həyatı kimi mürgüləyirdilər. Əyri-üyrü yollar Təbriz xalqının əqidəsi kimi dolaşıq idi. Yüklü uzunqulaqların iniltisi, yabıların sarğısına dəyən qamçıların şaqqıltısı Azərbaycan kəndlisinin kölələk dövrünə məxsus işgəncəli həyatını təsvir edirdi. Fayton seyrək ağaclıqlara, quru, hərəkətsiz tarlalara yaxınlaşdıqca Payan kəndinə yaxlaşırdıq. Yolun hər iki tərəfində Payan kəndlilərinin zavallı həyat səhnələrinə rast gəlmək olardı. Bu yerlərdə xəstəlik o qədər intişar tapmışdı ki, yollar belə xəstələrlə dolu idi. Birinci xəstə bir arxın içində uzanmışdı, üzündə dəsmal var idi, o, əlini açıb pul istədikdə üzündəki dəsmalı yel qaldırdı, burnu şişib bütün üzünü örtmüşdü, alnından sallanan qırmızı iyrənc ət parçaları onu eybəcər bir şəklə salmışdı. Paltarı düyü həsirlərindən idi. Faytonun digər tərəfində iki nəfər daha gördük, birisinin üzünün əti tökülmüşdü, dişləri görünürdü, o birinin dodaqları tökülmüşdü. Kəndə girincəyə qədər bu cür fəlakətzadələrdən çox gördük, bu xəstələr sürünərək şəhərin kənarlarına qədər gedir və dilənirdilər. Bir dəstə uşaq faytonumuzu görər-görməz çığıra-çığıra qaçıb kəndə yayıldı. Bu səsdən sonra arvadlar evlərdən və qazmalardan çıxıb küçədəki toyuqları tutmağa və quzularını içəriyə çəkməyə başladılar. Biz bunun səbəbini bilmədik. Amerikalıların xəstəxanası kəndin şimal tərəfində olduğundan fayton kəndin içərisi ilə keçib şimala doğru getməli idi. Ruzigar daim şimaldan əsdiyi, natəmiz havanı cənub tərəflərə yaydığı üçün uşaq qəbulu məntəqəsini kəndin şimal hissəsində təşkil etmişdilər. Çadırların və taxtadan qayırılmış müvəqqəti binanın ətrafına geniş bir sahəni əhatə edən tikanlı hasar çəkilmişdi. Orada duran qarovul hasarın ətrafına heç bir kimsəni buraxmırdı. Biz qarovulçudan kənddəki həyəcanın səbəbini soruşduqda, o gülərək dedi: – Bu kənd müctəhidindir. Arabir onun adamları kəndə gəlirlər, toyuqdan, quzudan elə keçəni tutub aparırlar. Odur ki, kəndə fayton gələndə kənd əhli qorxub toyuq-cücəni küçələrdən yığıb gizləyir. – Bəs uşaqlar nə qışqırırdı? – deyə qarovulçudan soruşdum. – Uşaqlar xalqa xəbər vermək üçün: «Tülkülər gəldi! Tülkülər gəldi!» – deyə bağırdılar. Bizi Tütünçüoğlu ilə Həsənağa qarşıladı. Faytondan düşüb çadırlara girdik. Birinci çadır dəftərxanaçıların idi, burada cəmiyyətin haqq-hesab işləri aparılırdı. İkinci çadırda bir qadın həkimi oturmuşdu. Bu qadın uşaqları qəbul və müayinə edir, sağlamları yasliyə, xəstələri isə müalicə çadırına göndərirdi. Üçüncü çadır tədavi çadırı idi. Burada iyirmi səkkiz nəfər xəstə uşaq var idi. Dördüncü çadır sağlam uşaqların çadırı idi, burada elliyə qədər uşaq yerləşmişdi. Hər şey sadə və ucuz başa gətirilsə də, təmizlik yüksək bir dərəcədə idi. Cəmiyyətin bütün aparatı altı nəfər qadın, dördcə kişidən ibarət idi. Bir həkim, bir həkim müavini də əlavə olunduqda bütün cəmiyyətdə 12 nəfər var idi. – Amerika yardım cəmiyyətləri, bu müəssisələri açmaqla bəşəriyyətə yardım verməkdən əlavə bir məqsəd də daşıyırmı? – deyə miss Hannadan soruşdum. Miss əlindəki karandaşı və kiçicik bloknotu redikülünə qoyaraq: – İş belədir, – dedi, – əsas məqsəd bəşəriyyətə yardımdan ibarətdir. Bu uşaqlar tərbiyə ediləcək, yəni ixtisaslar üzrə bölünəcək, ixtisas məktəblərini bitirdikdən sonra cəmiyyətin özünəməxsus müəssisələrində çalışacaqlar, əməkhaqlarının bir hissəsi körpəlikdən müəssisədə çalışmağa girənə qədər üzərlərinə qoyulan məsarifi ödəmək üçün götürüləcəkdir. Qazanclarının bir hissəsi isə işlədiyi zamanlardakı məsarifə xərc ediləcəkdir. Bir hissəsi cəmiyyətin ehtiyat fonduna veriləcəkdir. Toplanan ehtiyat fondları ilə cəmiyyət öz iş dairəsini genişləndirəcəkdir. – Uşaqlar həmişəlikmi cəmiyyətin ixtiyarında qalacaqlar? – Xeyr, – deyə qız tələsik cavab verdi, – hər bir körpəyə istehsalata buraxılınca qədər sərf olunan para dəftərlərə yazılır, dəftərin biri cəmiyyətdə qalır, bir surəti isə istehsalata daxil olan uşağa verilir və ona qoyulan xərc hesabına qazancından çıxılan paralar haman dəftərlərdə qeyd olunur. Məsarif tamamilə ödənildikdən sonra uşaq azaddır. Artıq o, cəmiyyətin müəssisəsindən çıxıb başqa yerdə də işləyə bilər. – Çocuq istehsalata buraxılmadan çocuq sahibi bütün məsarifi cəmiyyətə qaytararsa, çocuğunu ala bilərmi? – Xeyr, ala bilməz. Əvvəla, belə təsadüf heç vaxt olmamışdır. Olsa da, çocuq sahibi ilə cəmiyyət arasında bağlanmış müqavilə buna yol verməz. Dəftərxanaya keçdik. Miss Hanna bağlanmış müqavilələrdən birisini alıb mənə göstərdi. Bu müqavilənamə üzrə Payan kəndi sakini Mir Həsən Mir Abdulla oğlu iki yaşında olan qızı Tutunu öz xoşu ilə cəmiyyətin ixtiyarına verirdi. Müqavilənamə bağlanan gündən sonra uşağın üzərində atasının heç bir ixtiyarı qalmırdı, bunun müqabilində uşaq sahibinə beş tümən də İran pulu verilməli idi. Miss Hanna cəmiyyətin işlərini yoxlamaqla məşğul oldu, mən də ətrafı gözdən keçirməklə Amerika kapitalistlərinin bu istismar aparatı haqqında düşünürdüm. Həsənağanı çağırdım, silahlar qoyulan qazmaları birlikdə gözdən keçirdik. Silahlar möhkəm və ehtiyatlı bir surətdə saxlanırdı. Çadıra qayıtdım. Miss Hanna da işini qurtardı, kəndi gəzməyə başladıq. Kənd əhli bağçılıqla, əkinçiliklə, ticarətlə və dilənçiliklə məşğul olurdu. Kənddə təzə və yamaqsız paltara təsadüf etmədik. Kişilərin çoxusu çılpaqdı. Qadınların da bir çoxu cürbəcür cındırları quraşdırıb onunla öz əndamını örtmüşdü. Qazmaların qabağında çılpaq qadınların yeni doğulmuş körpələrini əmizdirdiyini gördüm. Həsir və küləş içində yatanları da vardı. Bu körpəli qadınlar öz uşaqlarını amerikalılara vermək istəməyənlər idi. Kəndin mollası Mirzə Əbdülrəhim axund ilə görüşdük, o da «sərtan» xəstəliyinə tutulmuş idi. Çox təcrübəli, çox gəzmiş və çox da yaşamış dərviş Əhməd adlı qoca bir kişiyə rast gəldik. O özünün sağlam olduğunu və böyük diqqət nəticəsində özünü yoluxma xəstəliklərdən qoruya bildiyini iddia edirdi. Qoca bu kəndin keçmişindən danışırdı: – Bu kənd Təbriz mahalında havasının, suyunun, meyvəsinin yaxşılığı ilə məşhur olan bir kənd idi, hətta mən də başqa kənddən olduğuma baxmayaraq, bu kəndə köçdüm. Buradakı adamların hamısı sağlam idi, xüsusən bu kəndin arvadları Təbrizdə tərif olunurdu. Payan kəndinə «gözəllər kəndi» deyərdilər. On beş il bundan əvvələ qədər kənd mən dediyim kimi idi. Qoca bunu deyərək, çubuğunu yandırmağa başladı. Yanımızdan gəlib-gedən qadınları nəzərdən keçirirdim, xəstə olduqlarına baxmayaraq, yenə də qoca kişinin dediklərini sübut edirdilər. – Mən çox şəhərlər gəzmişəm. Misirdə, Hindistanda, Osmanlıda, hətta Rusiyada da olmuşam. Çox zamanlar həkimlik etmişəm. İndi də həkimliyi işlədirəm. Lakin bu kəndin xəstəliyinə mənim həkimliyim kömək etmir. Bu iş hökumət işidir. – Bu kəndə xəstəlik nə vasitə ilə yayılmışdır? – deyə dərviş Əhmədə sual verdim. – Çox asan bir yol ilə, – deyə qoca cavab verdi, – xəstəlik bura şəhərdən sirayət etdi. On beş il bundan əvvəl bu kəndə şəhərdən bir nəfər alış-verişçi gəldi. Alış-verişçi dəmirçi usta Qənbər ilə tanış idi, özü də çox cavan deyildi. O, usta Qənbərin gözəl qızı Sultanı sevdi, dəmirçi də yoxsul bir adam idi, Sultanı az bir məbləğ müqabilinə alış-verişçiyə verdi. O, qızı şəhərə köçürdü, iki ildən sonra qızı boşadı, saxlamadı. Qız kəndə gələndə onun dodaqlarında, döşlərində yaralar çıxmışdı. Mənə göstərdilər. Mən bunun zöhrəvi xəstəlik olduğunu onlara dedim. Qızı şəhərə aparıb müalicə etdirə bilmədilər, mənim o işə gücüm çatmazdı, siz bilirsiniz, ona başqa cür müalicə lazım idi. Xəstəlik Sultanın kiçik bacısına, cavan qardaşına da sirayət etdi. Qızı qonşuda birisinə ərə verdilər. Mən yalvarıb mane oldum, amma sözümə baxmadılar. Xəstəlik qonşulara keçdi. Sultan isə bir ildən sonra dəli olmuşdu, dəliliklə xeyli yaşadı, axırda özünü suya atıb boğdu. İndi də kənddə həmən xəstəliyə Sultan yarası deyirlər. Kəndimizin adı xəstələr kəndi qaldı, buna görə də Təbriz hökuməti Təbriz küçələrində yayılan bütün xəstələri bizim kəndimizə sürgün edir. Bütün bu qazmaları xəstələr qazmışlar. Binalar isə yerli əhalinindir. Bədbəxtliyimizin böyüyü orasındadır ki, başqa kəndlərə də köçüb gedə bilmirik. Sağlam adamlarımız da məhv olub gedir. Bu kəndin adamını başqa kəndə qoymurlar, adımız pisliyə çıxıb, mübtəla Mirzə Həsən bizi buradan çıxmağa qoymur, tamamən bədbəxt olmuşuq. * * * Əmir Heşmət nəzmiyyə rəisi Bu gün ilk müvəffəqiyyətimizin bayram günü idi. İclalülmülk rus hərbi komandanlığı ilə razılaşmış, konsulxananın icazəsini əldə etmiş və Təbriz nəzmiyyəsi başına Əmir Heşmətin təyin edilməsi üçün əmr vermişdi. Bu gün Əmir Heşmət nəzmiyyəni qəbul etmişdi. Məşədi Kazım bu münasibətlə böyük bir ziyafət vermişdi. Ziyafətdə məndən başqa, Bala Tağı, Mirzə Əhməd və Hacı Əli iştirak edirdi. Əmir Heşməti gözləyirdik, o, nəzmiyyə rəisi paltarında gəldi. Öz vəziyyətinə özü belə gülürdü. Biz onu təbrik etdikdən sonra o, təzə təhvil götürdüyü nəzmiyyə haqqında məlumat verdi: – Nəzmiyyənin adı varsa da, özü yoxdur. Üç yüz nəfərlik nəzmiyyə dəstəsinin özünü yox, ancaq adlarını siyahı üzrə qəbul etmişəm. Silahlar çox adi və dəyərsizdir. Bina yox kimidir. Maaşlar verilmədiyi üçün nəzmiyyə nəfərləri dağılıb getmişdir. Hər halda, bizim ixtiyarımızda üç yüz nəfərlik silahlı qüvvə saxlamaq icazəsi vardır. Gələcəkdə nə iş görəcəyimizi, bu nəzmiyyəni nə şəkildə quracağımızı bu gün təyin etməliyik. – Nəzmiyyənin saxlanması üçün pul buraxılırmı? – deyə soruşdum. – Müəyyən büdcəsi vardır, lakin təxsisatı buraxan hökumət sandığında bir dinar da olsa, pul yoxdur. İclalülmülk təxsisat haqqında yağlı vədlər verdi. Tehrana pul üçün yazdığını söylədi. Onun son sözü bu oldu: «Sizin müvəffəqiyyətinizi xudavənd təbarək təaladan təmənna edirəm. Görün, bəlkə, borc pul tapıb hələlik işləri sahmana sala bildiniz». – Eybi yoxdur. Pul taparıq, zənnimcə Müxbirüssəltənə gəldikdən sonra nəzmiyyə üçün buraxılan təxsisatı hissə-hissə olsa da, elə gətirmək mümkündür, – dedikdə ziyafətdə bir sükut hökm sürməyə başladı. Mən Əmir Heşmətə müraciətlə: – Birinci növbədə, vəzifə başında olanların libasını düzəltmək üçün nə qədər pul lazımdır? – Üç yüz nəfərdən silah başında həştad nəfər vardır, bunların libasları üçün min tümən lazımdır. – Min tüməni mən verəcəyəm, – deyə cürətlə cavab verdim, – sabahdan etibarən onların paltarlarını sifariş verərsən. Mənim bu sözümdən sonra Məşədi Kazım ağa Əmir Heşmətə müraciətlə: – Pul sandıqda hazırdır, hər vaxt istəsəniz, ala bilərsiniz, – dedi. – İndi bir işimiz qaldı, – dedim, – nəzmiyyə dəstəsinin özünü deyil, quru siyahısını təhvil götürmək bizim üçün böyük bir qələbədir, çünki onların hamısı vəzifə başında olsaydı, dəyişdirmək və yerində inqilabda tanınmış gənclərdən qoymaq çətin olacaq idi. İndi isə bizim əlimizdə böyük bir bəhanə vardır. Biz indidən 220 nəfər adamımızı nəzmiyyəyə qəbul edə bilərik. Vəzifə başından gedənlərin hamısını çağırıb onların işdən xaric olduqlarını elan etməklə silahlarını almalıyıq. Belə bir elan yazıldı: «Təbriz nəzmiyyəsi siyahısında olub, iki aydan bəri vəzifə başına gəlməyən bütün nəzmiyyə əfradına: yerlilərin rahat yaşayışını təmin etmək və şəhər daxilində olan nizamsızlıqla mübarizə aparmaq üçün Təbriz nəzmiyyəsi öz tərkibini dəyişməyə məcbur olmuşdur. Bu elan veriləndən üç gün sonraya qədər sırasından qaçan bütün nəzmiyyə əfradı öz silahlarını nəzmiyyə idarəsinə təhvil verməlidir. Bu müddətdən sonra nəzmiyyə idarəsi elannaməyə əhəmiyyət verməyənlər haqqında inzibati tədbirlər görəcəkdir. Təbriz şəhərinin nəzmiyyə rəisi Əmir Heşmət». Sabah tezdən bu elan Təbriz küçələrinə vurulmalı idi. Bundan sonra inqilabda iştirak edən və inqilabi siması bizə bəlli olan gənclərin siyahısını gözdən keçirdik. Hələlik 220 nəfərin ayrıca siyahısını düzəltdik. Sabahdan etibarən bunlar çağırılacaq və nəzmiyyə vəzifəsinə təyin ediləcək idi. Əmir Heşmət belə bir sual verdi: – Silahlar yenə də olduğu kimi qalacaqdırmı? Çox köhnədirlər. Əski İran ordusunun silahlarıdır. – Elə də qalmalıdır. Silahı dəyişdirmək rusların şübhəsini qazandırmış olar. Silahı hər zaman dəyişdirmək mümkündür, nəzmiyyədə intizam və paltarların gözəlliyi lazımdır. Bununla da yeni hökumətə gələcək Müxbirüssəltənənin rəğbətini qazanmalıyıq, biz bu rəğbəti qazanar, hər bir işi görə bilərik. İkinci məsələ Əbülqasım xandan alınan məktubun müzakirəsi idi. Əbülqasım xan belə yazırdı: «Mən Xoy şəhərinə gəldiyim gün buraya Makudan da nümayəndə gəlmişdi. Onlar Xoyda olan silahların Makuya aparılması üçün Xoyun hazırkı hakimi Heydər xan Əmir Tuman ilə müzakirə aparırdılar, lakin, deyəsən, Heydər xan onların sözlərinə əhəmiyyət verməmişdir. Əvvəla, ruslar silahların Makuya göndərilməsinə razı deyil, Maku ilə onların əlaqələri pisdir, deyirlər ki, Maku xanı rus tərəfdarlarını sıxır, əziyyət verir. İkincisi, Xoy hakimi Heydər xan Əmir Tuman silahların harada olduğunu bilmir. İndi şəhərə adam salıb köpək kimi hər tərəfi qoxlayaraq silahları tapdırmaq istəyir. Biz bu işi yaxşı bir zamanda başlamışıq. Bu gün silahların lazımlı və böyük hissəsi Kutçu kəndinə göndərildi. Yarısı da sabah göndəriləcək. Hər halda, bu barədə əmin ola bilərsiniz. Şəhərdə çox rus zabiti vardır. Qoşun gələcəyi haqqında danışırlar. Tələdən eşiyə, Urmuya gedən xiyabanın ətrafındakı karvansaraların hamısını ruslar icarəyə götürübdür. Təzə konsulxana binası da o tərəflərdədir. Bir kərə də Kutçu kəndinə gedəcək silahları gözdən keçirib Təbrizə qayıdacağam. Hamı rəfiqlərə salam. Əbülqasım». Bu məktubda yazılanlar bizim üçün bir müvəffəqiyyət idi. Bütün bu məsələlər həll edildikdən sonra yemək gətirildi, mən süfrə başına oturarkən: – Bu süfrə tarixi bir süfrədir, – dedim, – inqilabın silahlı qüvvəsi yenidən doğuldu. * * * Çar hökumətinin yeni macərası Nina heç gözləmədiyim bir zamanda Məcidi və Təhminə xanımı götürüb şam yeməyinə gəlmişdi. Bu gəliş səbəbsiz deyildi, daima fövqəladə və mühüm bir hadisə baş verdiyi zaman Nina məni başqa yerdə tapa bilmədiyindən evimə gələrdi. Nina bu gün də qadın azadlığı cəmiyyəti təşkili haqqındakı təşəbbüslərimizdən xəbər tutmaq üçün gəlmişdi. Görüşdükdən sonra iclasda danışdıqlarımızı, əvvəlcə burada nə kimi bir cəmiyyət olduğunu, indi nə kimi bir şey təşkil etmək fikrində olduğumuzu Ninaya olduğu kimi söylədim. Nina, qadın azadlığı cəmiyyəti üzvləri sırasında Hüseyn xanın adını eşidər-eşitməz: – Onu kənara atın! – deyə etiraz etdi. – Nə üçün? O, fəal bir zatdır. – Doğrudur, fəaldır. Lakin çar konsulunun tapşırdığı vəzifələr üçün fəaldır. – Ola bilməz! – Olar. Kimlərin casus olduğunu bilsən, öz millətinə ölüncəyə qədər nifrət edərsən. – Gözəl Nina! Doğrudur, mübahisə açmaq istəmirəm, lakin Mirzə Hüseyn xan qadın azadlığı tərəfdarıdır. Onun «Ədalət» qəzetində qadın azadlığı barəsində «Gec qabırğa» sərlövhəsi altında yazdığı bir sıra məqalələrini də mənə oxumuşlar. – Orada, yəqin, konsulun əli vardır. Bunların hamısı öz yerində, bir də Təbriz kimi yerdə bu, hələ çox tezdir. Bundan daha mühüm bir məsələ vardır, bunun üçün də tək gələcəkdim, Məcid evdə oturmaq istəmədi, nəhayət, köç-külfətlə yığışıb gəlməyə və səni narahat etməyə məcbur oldum. Bağçada yasəmən budaqları altından əyilərək keçdik. Hava qaranlıq olsa da, ətrafımızdakı güllərin rəngini təyin etmək mümkün idi. Güllər yenicə sulanmışdı. Əlvan yarpaqların üzərindəki qətrələr brilyant kimi parlayırdı, bu qətrələr çoxdan bəri arzusunda olduğu bir cümləni ansızın olaraq eşidən bir qızın çöhrəsindəki tər damcılarını təmsil edirdi. Nina həmişəbahar gülünün budaqları arasından keçərkən Livarcan yaylasının axşama məxsus mehləri də əsməyə başlamışdı. Mehlərdən hərəkətə gəlmiş həmişəbaharın tikanlı yarpaqları latış qızının al yanaqlarına toxunub onunla əylənirdi. Çiçəklərin müxtəlif rayihələri ilə canlanmağa başlayan sevgi duyğuları Ninanın başında çəkilməz bir siqlət təşkil edirmiş kimi gül yarpaqlarına qarışan sarı saçları əyilərək çiynimə düşürdü. Birdən sanki Ninanı bir səs oyandırdı, o diksindi, dönüb baxdıqda Məcidin bizi araladığını, ikimizin də əlindən tutub gəzmək istədiyini gördük. Nina bir Məcidə və bir də mənə baxaraq güldü və: – Məni dinlə! – dedi, – çar hökuməti yeni bir macəra düzəltməkdədir. Məhəmmədəlinin yenidən taxta çıxarılması üçün hazırlıq görülməkdədir. Tehran səfarəti ilə Peterburq arasında gedən müzakirənin surətləri Təbriz konsulxanasına göndərilmişdir. İngilislər də buna razılıq vermişdir. Məhəmmədəlinin hansı tərəfdən İrana daxil olması müəyyən deyilsə də, ona yardım etməyi vəd edən qəbilələrdən onun Türkmənistan tərəflərdən girəcəyi bəlli olur. Şaha yardım vədəsi verənlər Şahsevən, Türkmən, Cəfərbay qəbiləsi, Talış Mikayıllı, Hacıxocalı, Can xanımlı, Poladlı və Gümüş türkmən qəbilələrindən ibarətdir. Konsulxanaya müəyyən təlimat göndərilmişdir. Konsul Məhəmmədəlinin qələbəsinə inanır, onun zənninə görə, bütün qəbilələr, bütün yerli hakimlər Məhəmmədəlinin tərəfindədir, çünki yeni idarə onların müstəqil yaşamasına imkan verməməyə çalışır. Konsulun fikrincə, sərdar Bahadır Yefremin Rəhim xanı məğlub etməsi başqa müstəqil feodalları da qorxuya salmışdır, bunun üçün də Məhəmmədəli tərəfdarlarının sayı gündən-günə artmaqdadır. Nina çox həyəcan və tələşla danışırdı. O, sanki Məhəmmədəlinin qələbə çalacağına və taxta oturacağına inanırdı. Əlimi onun saçları üzərində gəzdirərək: – Tökülmüş suyu yerinə qaytarmaq olmaz, – dedim, – Məhəmmədəli şah Tehran və kazak briqadası əlində olduğu zaman bir iş görə bilmədi, indi beş-on vəhşi qəbilə ilə taxtı əldə edə biləcəkmi? Ölkənin bütün dinclik sevən əhalisi, ruhanilərin liberal və tərəqqipərvər hissəsi, tacirlər, dükançılar, xırda burjuaziya, sənətkarlar, kəndlilər tamamilə Məhəmmədəlinin əleyhinədirlər. – Bunu çar Rusiyası bilirmi? – deyə Nina təəccüblə soruşdu. – Əlbəttə ki, bilir. Konsul da bilir, onların əlində alət olan Məhəmmədəli də gözəlcəsinə anlayır ki, bu işdən yaxşı bir nəticə əldə edə bilməyəcəkdir. – Bəs nə üçün onu İrana gətirirlər? – Onlar Tehran hökumətini qorxutmaq, Rusiya–İngiltərə tələblərinə boyun əyməyə məcbur etmək istəyirlər. Daha sonra seçkilər başlanmaqdadır. Mərkəzdə rus əleyhdarları gündən-günə çoxalır. Rusiya siyasəti məğlub olur, onun İran torpağına daxil olması ziyalı təbəqənin nifrətinə səbəb olmuşdur, bunun üçün də Rusiya hökuməti hələ öz mövqeyini bərkitməmiş məşrutəli hökuməti yeni təhlükə qarşısında qoymağa çalışmaq istəyir. Bu plan İranı tamamilə Rusiya–İngiltərə nüfuzuna təslim etmək planıdır. – Bəs necə olacaqdır? – deyə Nina soruşdu. – Məhəmmədəlini İrandan rəzil bir surətdə qovacaqlar, o bu səfərindən heç bir şey qazanmayacaqdır. Məcid bizdən ayrılıb getmişdi. Hələ söhbətimizi bitirmədən Məcid ilə Hüseynəli əminin çəkişdiyini eşitdik. Məcid yenə də hovuzdakı balıqlardan birisini tələb edir, Hüseynəli əmi isə vermək istəmirdi. – Sən yenə heyvanı öldürüb pişiyə verəcəksən, – deyirdi. Səriyyə xala ərini məzəmmət edir və uşağı razı salmasını təkid edirdi. Biz söhbətimizi burada qurtarmağa məcbur olduq. Şam vaxtı idi. Məşədi Kazım ağa da gəlmişdi. Şamı bir yerdə yedik. Söhbətimiz gecə saat on ikiyə qədər davam etdi. On ikidən sonra Ninanı və Təhminə xanımı evinə müşayiət etmək üçün Məşədi Kazım ağa ilə birlikdə evdən çıxdıq. * * * Miss Hannanın məktubu Mən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi. Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı. Nəsir salam verərək məktubu mənə uzatdı. – Mən də sizin hüzurunuza xanımın bu məktubunu gətirirdim, – dedi. Məktubu qoynuma qoyaraq içəri girdikdə: – Nəsrulla, məktubu gətir mənə, – deyərək miss Hannanın qulluqçunu səslədiyini eşitdim. – Xanım, məktubu öz sahibinə verdim, – cavabının eşitdikdə qızın rəngi qızardı. – Siz o məktubu mənə göndərməmişdinizmi? – Bəli, sizə göndərmişdim, lakin bir çox sözlər var ki, qızlar onu dildə deyə bilmədiklərindən məktublarda yazırlar. – Çox gözəl, siz də dildə deyil, məktubda yazmışsınız, daha nə üçün geri almaq istəyirsiniz? – Siz mənə söz verin ki, məktubu burada oxumayacaqsınız. – Çox yaxşı, onun qısa məzmununu mənə söyləsəniz, daha kağızı oxumaram, yoxsa mən nigaran qalmamaq üçün məktubu oxumalıyam. Hələ məktubun gözəl və səmimi bir qız tərəfindən yazıldığı da məni maraqlandırır və məktubu açmağa məcbur edir. – Sizi mühüm bir iş üçün çağırmışam, – deyə o, fikrimi başqa tərəfə çevirmək üçün tez cavab verdi. – Vətəninizi bir təhlükə gözləyir. Rəhbərləri çalışqanlıq göstərsə, bu təhlükə o qədər də böyük bir təhlükə deyildir. – Dediyiniz rəhbərlər bizdə vardırmı? – Onsuz da deyil, bir ölkənin əvvəlcə rəhbəri, sonra inqilabı doğmuş olur. Rəhbərsiz inqilab mümkün deyildir. Mən qəlbimi sizə verdiyim kimi içindəkiləri də sizə verməyə hazıram. Amerika konsulxanasında yeni bir xəbər vardır, o xəbər Məhəmmədəlinin İrana gətirilməsi xəbəridir. Rusiya hökuməti bu macəranı tezliklə həyata keçirəcəkdir. Bəlkə, bu xəbəri Tehran hökuməti bilmir. – Bilmədiyini haradan bilirsiniz? – Bilsəydi, nota verərdi. İranın buna haqqı vardır. Bu gün konsulxanada Rusiya və İngiltərənin İran ilə olan müqaviləsini oxuyurdular. – Hansı müqaviləni? – deyə soruşdum. – 1909-cu il avqust ayının 25-də bağlanmış müqaviləyə görə, İngiltərə–Rusiya dövlətləri əski şahın İranda təşviqat aparmasına mane olmalıdırlar. – Güclü dövlətlərin müqaviləsinə ancaq gücsüz dövlətlər inana bilər, belə deyilmi? – İş bacarmaq lazımdır. Gücsüzlər «gücsüzəm» deyərək təslim olmamalıdırlar. Hər halda, Məhəmmədəli şah qalib gəlməsə belə, Amerika siyasi dairələri İranda ciddi bir anarxiya başlanacağına inanırlar. – Bunu siz nədən bilirsiniz? Qız ayağa durdu, portfelindən bir məktub çıxardı və: – Bunu sizə oxumaq üçün gətirmişəm. Bu məktubu Tehrandan Təbriz konsuluna göndərmişlər. Lakin bunların hamısı öz aramızda qalmalıdır, – dedi. – Sizə qarşı hörmətim və səmimi əlaqəm nəticəsindəndir ki, vətəninizin bədbəxtliyi, yaxud xoşbəxtliyi ilə əlaqədar olan hər bir xəbəri diqqətlə təqib edirəm. Bu günlərdə Amerikanın İrandakı ticarət müəssisələri öz fəaliyyətini dayandıracaq və İran tacirlərinin özlərinə hiss etdirmədən kredit buraxmaqdan boyun qaçıracaqlar. Şərqi İrandakı ticarət tamamilə dayandırılacaqdır. Bu teleqramın surəti Rəşt, Bəndərgiz, Xorasan, Qəzvin və sair yerlərdəki Amerika nümayəndələrinə də göndərilmişdir. Yaxın günlərdə Təbriz müəssisələrinə də xəbər veriləcəkdir. – Amerika hökuməti Rusiya– İngiltərənin bu macərasına qarşı bitərəfmi qalacaqdır? – İran Rusiya–İngiltərənin nüfuz məntəqəsidir, buralarda Amerikanın da ticarət etməyə haqqı vardır. Lakin nə qədər ki, bu hüquqa toxunulmayır, Amerikanın siyasi məsələlərə qarışmağa haqqı yoxdur. – Ticarət müəssisələrinin qapanması mənafeyə toxunmaq deyildirmi? – Doğrudur. Lakin istər Rusiya, istərsə İngiltərə bunun səbəbini özlərində deyil, İranda görür və bunu başqa dövlətlərə isbat etməyə çalışmaqdadır. Başqa və mühüm cəhətlər də vardır: Rusiya və İngiltərənin İran işlərində sazişə girmələrinə baxmayaraq, yenə də biri digərinə qarşı rəqabət aparmaqdadır. Çünki Rusiyanın İranda həddindən artıq irəli getməsi İngiltərənin Şərqdəki mənafeyi ilə uyğun deyildir. Üçüncü rəqib də cahangir Almaniyadan ibarətdir, o, dəxi, Anadolu və Beynənnəhreyn tərəflərdə nüfuz qazandığı üçün İngiltərəni və eləcə də Rusiyanı qorxutmaqdadır. İngiltərə–Rusiyanın Yaxın Şərqdə irəli getməsi də Almaniyanın Bağdad dəmiryolunu qorxudur. Bu dəmiryolu bütün Osmanlını, o cümlədən Beynənnəhreyni Almaniya müstəmləkəsi qayırmışdır. Bununla da İngiltərənin həm Hindistan, həm də İraq ilə qonşu olan ərəb ölkələri Almaniyanın qorxusu altında qalır. İngiltərə, Almaniya, Rusiya, eyni zamanda bu üç dövlətin biri digərinə qarşı qoyduğu kəskin mübarizə dördüncü bir dövlətin istifadəsinə imkan verməkdədir. Dördüncü dövlət Amerika Birləşmiş Ştatlarıdır. Onlar İranla əlaqədar dövlətlərin biri digərinə qarşı apardığı mübarizədən olduğu kimi istifadə edirlər. Odur ki, Amerika sülh və ticarət yolunu intixab etmişdir. – Elədir, – deyə gülərək qıza cavab verdim. – Amerikanın dəniz qüvvəsi İran və Anadolu dağlarına çıxa bilsəydi, yəqin ki, o, sülh və ticarət yolundan başqa, daha bəzi yollar intixab edərdi. Qız bu sözümü səmimi və doğru olduğu üçün təsdiq etdi. Mən isə bu mövzunu uzatmaq istəmədim, çünki qız mütəəssib bir amerikalı idi. O bu sirləri bizə mənə hörmət etdiyi üçün deyil, Rusiyaya düşmən olduğu və Rusiyanın xəyanətlərini ifşa etmək istədiyi üçün verirdi. Hətta mənə olan sevgi də burada o qədər böyük rol oynamırdı. Nə olursa-olsun, qız bizə lazım idi. Onun ruhunu oxşamalı, onu razı salmalı idim. Odur ki: – Fikriniz doğrudur, miss, – dedim. Qız mənə yaxınlaşaraq nəvazişkar bir surətdə: – Bundan sonra məni Hanna deyə çağırınız, – dedi, – mən də sizi istədiyim kimi çağıracağam. Məncə, rəsmiyyətin vaxtı keçmişdir, çünki tanışlığımız ikinci dövrünə girməkdədir. – Sizi bu razı salırsa, mən də etiraz etmirəm, – dedim. – Miss Hannanın yenə sevgi və ailə qurmaq fəlsəfəsi başlayacağını hiss edirdim. O bunu bütün vəziyyəti ilə sezdirirdi. Kürsüsünü irəli çəkib başını çiynimə söykəmişdi, bütün gözəlliyi ilə məni cəzb etməyə çalışırdı. Bəzən onun nazik və titrək dodaqları yaxalığımda gəzirdi. Mən isə bu zaman nələr düşünürdüm? «Mən gəncəm, – deyirdim, – qızlara yanaşmağı bacarıram, onlara hörmət bəsləyirəm, sevgilərini doğura biləcək bir şəkildə rəftar edə bilirəm, nəticədə bu sevgi doğur. Mən Nina ilə də belə başladım. Qızın mənə bağlanmasına özüm səbəb oldum. Onu özümə qırılmaz, unudulmaz bir surətdə bağladım, o da mənim üçün yaşadığını hər bir hərəkətində bildirdi. Onun inqilaba olan mühüm xidmətləri də qızın həqiqi sevgisindən bir nümunə idi. İndi də mənimlə həmişəlik bir istiqbal qurmaq arzusunu daşıyır. Hərgah mən bütün bu oyunları, yaxud sevgini bildirəcək təqlidləri inqilabın tələbinə görə yapdımsa, burada nöqsan Ninanın deyildir, çünki o məni bir inqilabçı olmasam belə, sevəcək idi. O öz həyatını mənim müəyyən olmayan həyatım ilə bağlamaqdan heç də qorxmur. İndi mən ikinci bir Ninanın saçları kölgəsində durarkən sanki birinci Nina bütün sevgisi, bütün inqilabi fəaliyyəti ilə qarşımda durub mənə gülür və nifrətlər yağdırırdı. Lakin bu qız bizə lazım idi. Onun ruhunu oxşamalı, onu əyləndirməli idim. Bunların hamısı lazım idi. Fəqət bütün bu istifadələrdən sonra onun həyatı nə olacaqdı? Biz İrana sevmək və evlənmək, öz vicdanını, öz sirrini, öz namusunu etibar edənlərə qarşı xəyanətdə bulunmaq üçün gəlməmişdik. Nina mənə, mən də Ninaya bağlandımsa, bu da müştərək inqilabi fəaliyyətimiz sayəsində yaranmış oldu. Bu hadisə mənim İranda keçirdiyim həyatda ilk və tarixi hadisədir, bu hadisə bir daha təkrar olunmamalı idi». Mən bunları düşünür və miss Hannaya bağlanmaqdan boyun qaçırmağı qərara alırkən, qızın pencəyimin düymələrinə dolaşmış sarı telləri onu tora düşmüş bir quş ürəyi kimi çırpınan qəlbimə bağlamağa çalışırdı. İpək donunun şəfəqlərinə qələbə çalan ağ, mərmər qollar, Amerika altununu təmsil edən füsunkar saçlar məni məngənə arasına alıb sıxsa da, ürəyim saf, vicdanım təmiz, hərəkətlərim səmimi idi. Bunu məndən onun qızlıq namusu və qızlıq əzəməti də tələb edirdi. – Gözəl Hannam! – deyə onu səslədim. O, başını köksümdən götürmək istədikdə saçlarının düymələrimə dolaşdığını görüb: – Mən yalnız ürəyimlə, qanımla deyil, zahiri görünüşlərimlə də sənə bağlandım, – dedi. Onun saçlarını düymələrimdən xilas edərək: – Həyat və sevgi çox incə və diqqət tələb edən bir məsələdir, – dedim. – Bunu heç birimiz inkar edə bilmərik. Gözəl Hannam! Mənə olan sevginizə mənim də sıx bir sevgi ilə cavab verəcəyimə icazə verirsənsə, o zaman mən özümü bəxtiyar bir gənc hesab etmiş olaram, fəqət kiçik bir şərt ilə. – O şərt nədən ibarətdir? – deyə qız qızarmış və həyəcanlı çöhrə ilə soruşdu. – Biz heç vaxt tələsməməliyik, hər ikimizin yaradanımız vardır. Atamız, anamız bizim həyatımızın səbəbləridir. Onların məsləhəti olmadan iş görmək, hətta həyat məsələsini həll etmək onları təhqir etmək kimidir. Heç şübhə yoxdur ki, onlar bizim arzumuzun əleyhinə hərəkət etməyəcəkdir, çünki onlar bizim ağıllı və düşüncəli gənc olduğumuzu bilirlər. – Etirazım yoxdur. Bunu mən də düşünürdüm. Onlara xəbər verəcəkdim, – deyə qız qalxıb içəri otağa keçdi, saçlarını, tualetini düzəldərək qayıtdı, fəqət üzümə baxmayır, sanki utanırdı. Amerikalı qadın samovarı gətirdi, çay içdik, gecə saat on ikiyə işlədikdə qızla vidalaşıb çıxdım. Evdə lampanı yandırıb qızın xidmətçi ilə göndərdiyi məktubu oxumağa başladım. «Bu gün sizi təcili bir işdən ötrü gözləyirəm. Mühüm xəbərlər vardır. Bir də indiyə qədər sizə söyləyə bilmədiyim bir sözü söyləmək istəyirəm. Arzular böyüdüyündən köksümdə yerləşmir, – onları sizə deməliyəm. Tez gəlin... Sizi sevən Hanna». * * * Böyük qazanc Bugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi. İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim. – Amerika ticarət müəssisələri ilə əlaqəniz vardırmı? – deyə soruşdum. – Vardır. Onlar daima bizə böyük etibarlar buraxırlar, xüsusən bu günlər bizə böyük bir mal və uzunmüddətli bir kredit buraxmaq təklifini də etdilər, biz qəbul etmədik. – Nə üçün? – Çünki mallar ağır satılan mallardır. Dalısı da gəlir, o qədər də qazanclı deyildir. – Səhər tezdən Amerika ticarət müəssisələrinin hamısı ilə müqavilə bağlar, əllərində olan bütün malları alarsınız. – Bu mümkündürmü? – Onlar sizə etibar etməzlərmi? – Nə üçün etməzlər, biz aldığımız malları əridə bilərik. – Sizə nə deyirəmsə, elə də edin. Vaşinqtondan və Tehrandan gələn əmrə görə, Amerika ticarət müəssisələri ticarəti dayandıracaq və İran tacirlərinə veriləcək kreditləri kəsəcəklər. – Belə olduqda daha onlar bizə kredit buraxarmı, mal satarmı? – Satarlar. Hələ onlara xəbər verilməmişdir, bu günlərdə ümumi müşavirə çağırılacaqdır. – Amerikalılardan o malları ala bilsəm, onlar İrana bircə ay mal daxil etməsə, dinməz-söyləməz bircə milyon tümən pul qazanmaq olar. Heç şübhə yoxdur ki, bu qazancın yarısı sizə minnətdardır. – Mənə şəxsən bir şey lazım deyildir, lakin əks-inqilab və onun arxa verdiyi çar hökuməti ilə aparılan mübarizədə bizə pul lazımdır. – Onsuz da mən paraya olan bütün ehtiyacları ödəməyə hazıram, – deyərək ticarətin dadlı xəyalları bu İran demokratının nəzərində cilvələnməyə başladı. Səhər çayını içməyə başlarkən yoldaşlar gəlib çıxdı. Mən rus konsulxanasından aldığım məlumatı iclasdakılara xəbər verdim, bu xəbər hamını düşündürdü. – Tehrana xəbər verilməlidir, – deyə Hacı Əli söz aldı. – Müəyyən sərhədlərdə hazırlıq görmələri lazımdır. Tehran bilmir, bilsəydi, səs çıxarmışdı. Hamı danışırdı, Məhəmmədəlinin Təbrizə gələcəyi ehtimalını aralığa sürdülər. – Bəlkə də, o, buradakı ruslara arxalanmaqla öz qüvvəsini toplayıb Tehrana yürüş edəcəkdir, – deyə Mirzə Əhməd inandırıcı bir vəziyyət alaraq soruşdu. – Yox, belə iş olmaz, – dedim. – Ruslar onu Təbrizə gətirməz. Açıqdan-açığa ona yardım belə verə bilməz. Məhəmmədəli Türkmənistan, yainki Koçan və Xorasandan işə başlayacaqdır. İclasda Tehrana məktub göndərməkmi, teleqram vurmaqmı? – məsələsi də müzakirə edildi. Məşədi Kazım ağanın Tehrandakı ticarət şöbəsinə teleqram göndərmək, oranın vasitəsilə də hökumətin qulağına çatdırmaq qərara alındı. Teleqramı Məşədi Kazım ağa özü tərtib etdi və xüsusi bir məktubla poçt-teleqraf rəisinə göndərdi. Teleqram belə idi: «Rusiyaya göndərdiyimiz malı geri qaytarırlar. Hansı bənddən keçəcəyi məlum deyildir. Əlbəttə, bu barədə təşəbbüsdə bulunmalısınız. Təfsilatı poçt ilə göndərəcəyəm. Kazım». Biz hələ müzakirəmizi bitirməmişdik ki, poçt-teleqraf rəisi göndərdiyimiz teleqramla bərabər gəldi və: – Teleqramı belə göndərmək mümkün deyildir, – dedi, – ruslar bütün teleqramları müayinə edir, lentlərin hamısı Şahzadə bağında müəyyən adamlar tərəfindən tərcümə edilir. Bunun başqa bir çarəsi vardır. Mən hər gecə saat birdən sonra bilavasitə Tehran poçt-teleqraf rəisi ilə danışıram. Bu cür teleqramları ancaq onun vasitəsilə lazımi yerinə göndərə bilərik. Mən bu adamı tanımırdım. Hacı Əli ağa bunu hiss etdiyindən məni poçt-teleqraf rəisi ilə tanış etdi. – Məşhur vətənpərəstlərimizdən cənab Əlixan Bəsirilmülkdür. Qeyrətli cavanlarımızdan birisidir, – dedi. – İngilis və rusların birinci düşmənidir. Tehran teleqraf rəisi Nədimissoltan cənabları da cənab Bəsirilmülkün böyük qardaşıdır, bu dudman nəcib bir dudmandır. Mən Bəsirilmülk ilə tanış oldum və tanışlıqdan çox məmnun qaldım. Çünki Culfa poçt-teleqraf rəisi ilə olan lazımi işlərimi bu vasitə ilə düzəltmək mümkün idi. Mən Bəsirilmülkə belə bir sual verdim: – Sizin Tehranla olan müxabirənizin lentləri ümumi lentlərə daxil deyildirmi? – Xeyr, onları tələf edirik, ancaq dəftərə düşən teleqramların lentləri tələb olunur. Bir də Təbrizdən başqa, rusların başqa teleqrafxanalarda nüfuzu yoxdur. Ona görə də biz Qəzvini çağırır, yolu açdıqdan sonra Tehran ilə danışa bilirik, rusların bunu təftiş etmək üçün də imkanları yoxdur. Bu barədə əmin ola bilərsiniz, – deyə bir daha əlimi sıxıb getdi. * * * İyul ayının 18-ci günü idi, Təbrizdə indiyə qədər belə istini xəbər verən yox idi. Axşam evə çox tez gəldim. Hüseynəli yavaş-yavaş çubuğunun başını hovuzun daşına vuraraq boşaldıdı və gülləri suvarmağa hazırlaşırdı. Mən bu gün Nina ilə görüşməmişdim, onlardan xəbərim yox idi. Yığışıb Ninanın evinə gedərkən Məşədi Kazım ağa gəldi. – Teleqramın cavabı gəlmişdir, deyə sevinə-sevinə mənə müraciət etdi, Tehranın Məhəmmədəli məsələsindən xəbəri yox imiş. Məşədi Kazım ağa bunu deyib gülməyə başladı. – Nə üçün gülürsünüz? – deyə soruşdum, – yeni bir xəbər varmı? – Üç Amerika ticarət müəssisəsi ilə bir iş düzəltdim, hər nə qədər əllərində malları varsa, aldım, – dedi və rəngi təğyir tapıb: – Hərgah Məhəmmədəli məsələsi yalan olsa, o, İrana gəlməsə və amerikalılar ticarəti dayandırmasa, mən müflis olacağam, börkümü də satsam, görməz, – deyə əlavə etdi. – Bu məsələ doğru olduqda isə Təbrizdə bir nəfər də olsa, mənim qabağıma dura bilməz, – ən azı bir milyon tümən, – deyərək bir də güldü: – Gülməyinizə yenədəmi bir səbəb vardır? – deyə soruşdum. – Vardır. Mən malları birdən çıxarmaq istəmirdim, deyirdim, bəlkə, etibar etmədilər, onlar isə mənim peşman olacağımdan qorxub, «Götür buradan rədd elə», – deyərək məni tələsdirdilər. – Hamısını götürdünüzmü? – Götürdüm. Hamısını öz anbarlarımızda yerləşdirdim. Amerikalılar məni aldatdıqlarını zənn edərək, dalımca gülürdülər. Biz bu söhbətdə ikən Nina içəri girdi. O, sözlü adama bənzəyirdi. Nina əvvəlcə Məşədi Kazım ağanın əlini sıxdı, sonra isə «sözüm var», deyə mənə müraciət etdi. – Bu gün Məhəmmədəli Rusiyanın «Xristofor» adlı paroxodu ilə Kaspi sahilindəki Gümüştəpə mövqeyinə çıxmışdır. Ninadan bu məlumatı aldıqdan sonra biz məsələni yenə də Tehrana xəbər verməyi lazım bildik. Məşədi Kazım ağa da ticarətində yanılmadığını duyduğundan sevindi. O, poçt-teleqraf rəisi Bəsirilmülkü görmək üçün getdikdə: – Nina xanım da şam yeməyinə qalsın, bu saat qayıdıram, – deyə tapşırdı. Nina ilə mən isə hovuzun ətrafındakı masa üzərinə qoyulmuş tutlardan yeməyə başladıq. Hüseynəli də masadan uzaqda öz kürsüsü üstündə oturub dincəlməyə başladı, çubuğunun yanından sallanan dəmir bizin ucu ilə çubuğun başını deşmişdi, püflədi, köklədi, göy qədək kisəsinin içinə salıb o tərəf-bu tərəfə buladıqdan sonra çıxardı. Barmağının yanı ilə çubuğun başındakı artıq tütünü kisəyə tökəndən sonra barmağı ilə tütünü basıb çubuğun başında bərkitdi. Mən onun çubuğuna kibrit çəkmək istədimsə də, razı olmadı: – Kibritin alovu çubuğun ləzzətini aparır, – deyə əlini börkünün təpəsinə aparıb bir az qov çıxardı, çaxmaqdaşı ilə yandırıb çubuğun başına qoydu, əvvəlcə dodaqlarının ucu ilə qovu bir balaca alışdırdı, sonra dərin nəfəslər vurmağa başladı və yenə də öz həyatından söhbət açdı. – Mən hələ qocalmazdım, Səfinin dərdi məni qocaltdı. – Səfi kimdir? – deyə Nina soruşdu. – Qızım, dünyada var-yox bircə dənə oğlum var idi. Adı Səfi idi. Cavanlıqda əlimizdən getdi. – Niyə öldü? – deyə yenə Nina soruşdu. – Öz əcəli ilə ölsə idi, deyərdik ki, xudavəndi-aləm belə istəmişdir. Burada bir Əmir Nizam var idi. Adı Hüseynəli xan idi. Onun adını hər kəs Gərrus çağırardı. Çox zalım adam idi. O, bir gün olmaz idi ki, haqq-nahaq Təbrizdə beş-altı baş kəsdirməsin. Günlərin birində yazıq Səfi Ərkin yanından keçdiyi yerdə bir haramzadanın qurbanı oldu. – Necə yəni qurbanı oldu? – soruşdu. – Hüseynəli xan Əmir Nizamın sərbazları drüşgəçi İmanı dustaqxanadan çıxarıb Mirqəzəblə birlikdə başını kəsməyə aparırmışlar. İmanın qardaşları sərbazlara və onların dəhbaşılarına rüşvət verib İmanı buraxdırırlar. İmanı Ərkin dibində qaçırdıb, yalandan dalınca yüyürürlər, yazıq oğlumu onun yerinə tutub başını kəsirlər. – Belə də iş olarmı? – deyə Nina dəhşətə gəldi. – Olar, qızım, bir çoxlarının əvəzinə küçə hamballarını tutub aparırdılar. Hələ mən o zaman vəliəhdin gülçüsü idim, pişxidmətinə də bu əhvalatı dedim, heç bir şey çıxmadı. Uşağın iyirmi iki yaşı var idi. Gözəl, mərifətli uşaq idi. Ölüsünü də bizə vermədilər. – Bəs nə oldu? – Nə olacaq. Drüşgəçi İmanın qardaşları iz itirmək üçün «bizim qardaşımızın ölüsüdür» deyib uşağımın meyitini özləri aparıb basdırdı. Mən isə kənarda yana-yana qaldım. Bu haramzada padşahların vaxtında dəfələrlə belə işlər görmüşəm. Onlardan bundan artıq şey baş verməzdi. Birisi ki, vəliəhdin oğlu ola-ola gecələri Qaradağ lotularına qoşulub karvan vurmağa, yol kəsməyə getsin, ondan nə çıxacaqdır? – Yolkəsən hansı idi? – Məhəmmədəli Mirzə. Atası vəliəhd ikən hər gecə quldurluğa gedərdi. Bunlardan bir il desəm, qurtarmaz. – Hüseynəli əmi, bildiklərindən də görək, Nina üçün də bunlar maraqlıdır, – deyib danışmasını rica etdim. Hüseynəli əmi çubuğunu təzələyərək: – Mənim vəliəhdin həyət qulluqçuları yanında çox hörmətim var idi, – dedi. – Arabir hərəmlər də həyətə gəlib gül istərdilər, dəstə tutub verərdim, mənə hərdənbir hədiyyə də verərdilər. Müzəffərəddin Mirzənin hərəmi Ümmülxaqan Tehrandan Təbrizə gəlin gələndə mən həmin şəmsülimarənin bağçasında gülçülük edirdim. Ümmülxaqanın atası İranda çox məşhurdu. Mirzə Tağı xan Əmir Kəbir desən, bunu hər kəs nişan verərdi. Amma qızı Ümmülxaqan xanım çox əxlaqsız idi. Gədə-güdəyə sataşardı. Bunun da üstündə mənim başım bir qalmaqal çəkdi. Gecələrin birisində bağçanı suvarıb yorulmuşdum. Qapını qıfıllayıb gəlib yatmışdım. Daha demə ki, bu haramzada arvad Müzəffərəddin Mirzənin qatırçı başçısı Behbud xan ilə bağçada imiş, mən qapını bağladığımdan bunlar yol tapıb çıxa bilmirlər. Mən yatmışdım, onda gördüm ki, birisi məni boğur, gözümü açdıqda başımın üstündə Behbud xanı gördüm. Məndən kilidi aldı və özümü boğmaq istədi, daldan bir zənən xeylağının səsi gəldi: «Behbud xan, öldürmə, Hüseynəli yaxşı oğlandır, ağzıbütün adamdır. Heç kəsə xəbər verməz». Behbud xan məni buraxdı, qapını açıb onları buraxdım. Heç kəsə də demədim. Demək də lazım deyildi. Hamı bilirdi ki, o, Behbud xan qatırçıbaşı ilə ər-arvad kimi yaşayır. Müzəffərəddin Mirzənin özü də söz demirdi. Çünki o da başqa cür əxlaqsızlığı sevirdi. Ümmülxaqan Məhəmmədəli Mirzəni doğandan sonra Behbud xanı görmürdüm, o tərəflərə dolanmırdı. Günün birində xacəbaşı Məhəmmədəlini qucağına alıb bağçanı gəzdirirdi. Hələ uşaq iki yaşında idi. Elə bil ki, qatırçıbaşı Behbud xan fınxırıb bu uşağı burnundan salmışdı. Nə başınızı ağrıdım, uşaq iki yaşına çatanda Müzəffərəddin Mirzə Ümmülxaqanı Təbrizdən çıxarıb qovdu, çünki daha lap həyasızlaşmışdı. Arvad aparıb uşağı Tehranda saxlamadı, Nəsrəddin şahın hərəmi Şükuhüssəltənə uşağı ondan alıb on iki yaşına kimi saxladı. Müxtəsər, sizə başağrısı olmasın, Məhəmmədəlini on iki yaşında ikən Təbrizə gətirdilər. O, on yeddi yaşında ikən atası ərkin qarovulunda duran xüsusi Əmriyyə focunun mirpəncliyini ona tapşırdı. Bu da onun cib xərci üçün idi. Dərs zad da oxumurdu. Mürəbbiləri də döyüb qovurdu. Bunun vaxtında Əmriyyə focunda bir nəfər də qalmırdı. Hər sərbazdan üç qran, iki qran alıb buraxırdı. Bu focun başındakıların hamısı yolkəsənlər idi, rahat və maneəsiz quldurluq etmək üçün gəlib Əmriyyə focuna yazılmışdılar. Bir çoxu ildə bir dəfə vəzifələrinə gəlib, yenə də quldurluqlarına gedirdi. Məhəmmədəli isə bunlardan hər ildə müəyyən rüşvət alırdı. Məhəmmədəli atasının təyin etdiyi dinc və düzgün qulluqçuları qovub, yerinə yolkəsənləri təyin etməyi adət etmişdi. Məhəmmədəli bu adamların vasitəsilə Azərbaycanda bir çox torpaqlar əldə etmişdi. Özüm gözüm ilə gecələr öz yanındakı quldurlar ilə atlanıb öz rəiyyətinin yolunu vurmağa getdiyini görmüşdüm. Özü iştirak etmədiyi bütün soygunlardan da Şahzadənin haqqı yetişirdi. Gecələr kəndlilərin atını, eşşəyini, yükünü alırdılar. Arvadı Mülkicahan ərindən də həyasız idi. Bütün günü falçılar, cadugərlər ilə keçərdi. Müzəffərəddin şah Tehranda naxoş olduğu vaxt Xorasandan məşhur bir falçını çapar vasitəsilə Təbrizə çağırmışdılar. Falçı Müzəffərəddin şahın tez ölməsi və Məhəmmədəlinin padşahlığa tez yetişməsi üçün cadu edirdi. Təsadüfən Müzəffərəddinin ölməsi və Məhəmmədəlinin Tehrana çağırılması Məhəmmədəlinin sarayındakıları cadugərlərə inanmağa məcbur etdi. O bütün yolvuranları və öz cadugərlərini yığıb özü ilə bərabər Tehrana apardı. Onun bütün həyatı həyasızlıq içində keçdi. Özü də çox rəhmsiz idi. Olduqca da xəsis və gözüdar adam idi. Ancaq oğrulara və cadugərlərə etibarı vardı. Ondan gördüyümü və onun haqqında eşitdiklərimi böyük bir kitaba yazsan, yenə də qurtarmaz. Hüseynəli əmi alnının tərini sildi, çubuğunu odlamağa başladı. Təhminə xanımı çağırmaq üçün getmiş Səriyyə xala da qayıdıb gəldi. Məcid gələn kimi yenə də hovuzun başına yüyürdü, Hüseynəli əminin ətəyindən tutaraq: – Balıq ver! – dedi. Hüseynəli əmi: – Bilmirəm, bunun əlindən hara çıxıb qaçım, – dedi. Nina Məcidi səslədi və dedi: – Bir də balıq istəsən, çıxıb gedəcəyəm. Məcid yerində oturdu. Hüseynəli əmi isə danışdı: – Məhəmmədəli Tehranda padşah ikən yenə də caduya inanırdı. O, Tehrandan Qəzvin və Təbrizə qoşun göndərdiyi və məşrutəni məhv etmək istədiyi zaman ordu başçılarına üstünə dua oxunmuş ölü torpağı verib, məşrutə ordusunun üzərinə səpməyi tövsiyə etmişdi. Tehranda Baği-şahda olduğu vaxt, Xorasandan çağırdığı cadugər Səttar xanın və Bağır xanın şəklini mumdan qayırıb dua oxuduqdan sonra başlarını kəsirdi, Səttar xanla Bağır xanın Təbrizdə öldürüldüklərini yalan məktublarla Məhəmmədəliyə inandırmaq istəyirdi. Buna görə də Səttar xanın və Bağır xanın ölüm xəbərləri Tehranda tez-tez intişar tapırdı. Bir azdan sonra Məşədi Kazım ağa da gəldi. Məlumatın bu gecə saat birdə Tehrana veriləcəyini söylədi. Gecə saat on ikiyə qədər söhbət etdik. Söhbətlərin çoxunu Hüseynəli əmi edirdi. O, Təbrizin 75 illik tarixini döşündə toplamışdı. * * * Miss Hannanın konsulxanada xəstələnib evə qayıtdığını bildirdim, bunu öz məktubunda da mənə bildirmişdi, onu yoxlamağa getməli idim. Əlimi onun alnına qoyduqda şiddətli hərarət içində olduğunu hiss etdim. Qızdırmanın şiddətindən tez-tez dilini çıxarıb qurumuş dodaqlarını yalayırdı. Həkim yenicə getmiş imiş, qulluqçu qadın isə dərman gətirmək üçün gedib hələ qayıtmamışdı. Qız əlimi əlinə alaraq zəifcə sıxdı və dedi: – Bu gün konsulun hərarəti mənim hərarətimdən daha artıq idi, o çıldırmışdı, baş katibin işdən çıxarılması ehtimalı vardır. – Nə üçün? – Konsul üç gün bundan əvvəl Amerika ticarət müəssisələri nümayəndələrini çağırmağı, səfirin Vaşinqtondan aldığı əmri onlara bildirməsini, İranda şuluqluq olduğu üçün ticarətin dayandırılmasını və iranlılara kredit buraxılmamasını onlara xəbər verməyi katibə tapşırmışdı. Katib bu çağırışı təxirə saldığından bir nəfər İran taciri Amerika ticarət müəssisələrindən külli miqdarda kreditlə mal alaraq müəssisələrə milyon yarım zərər vurmuşdur. Odur ki, konsul təbii halından çıxmışdı. O, səfirə xəbər verəcəyini söylədi. Doğrudan da, böyük bir xəyanətdir. Müəssisələr bir milyon yarım itirmişlər, bu qədər para amerikalıların cibindən çıxır. Bu məsələ miss Hannanın özünə də yaxşı təsir bağışlamamışdı. O, milyon yarım Amerika pulunun İranda qalacağından razı deyildi. Qız bunu tez-tez təkrar edirdi. – Bizimkilər çox uduzmuşlar, – deyə miss Hanna başqa bir məsələyə keçdi. – İran hökuməti Rusiya-İngiltərə dövlətlərinə nota vermişdir, Məhəmmədəlinin İrana gətirilməsinə yardım göstərən hər iki hökumətə öz etirazını bildirmişdir. Amerika siyasi dairələri bu notanın İran tərəfindən böyük bir cəsarət olduğunu təsdiq edirlər. Notanın farscasını yazıb gətirmişəm. Balışın altındadır, götürə bilərsiniz. Qızın balışı altındakı notada belə yazılmışdı: «...1909-cu il sentyabr müqaviləsinin 2-ci maddəsinə görə, şah hökuməti keçmiş şahın və onun agentlərinin ölkədə təşviqat aparmalarına mane olmaq üçün Əlahəzrət İngiltərə kralı və Əlahəzrət Rusiya imperator hökuməti tərəfindən lazımi tədbirlər görüləcəyini gözləməyə hazırdır. Ölkələrimiz arasında olan dostluq və qonşuluq münasibətini nəzərə alaraq, şah hökuməti Əlahəzrət İngiltərə kralı və Əlahəzrət Rusiya imperatoru tərəfindən belə bir şərait altında özünə qarşı göstərilən laqeydlik və soyuqluğun nədən irəli gəldiyini kəsdirə bilmir. Şah hökuməti uzun müddət içərisində keçmiş şah və onun agentləri tərəfindən aparılan təbliğata nəhayət vermək üçün İngiltərə-Rusiya hökumətlərinin lazımi tədbirlər görə bilmədiyinə inana bilmir. Şah hökuməti 1909-cu il 7 sentyabr tarixli bəratəlqolunun 2-ci maddəsi üzrə Əlahəzrət kral və imperator hökumətindən gözlədiyi yardımı almadığına təəssüf edir. Şah hökuməti keçmiş şahın Rusiyanın «Xristofor» gəmisində gəlib İran sahilinə çıxmasından toxuna biləcək zərərlər üçün məsuliyyəti öz öhdəsindən atır». Notanı oxuduqdan sonra: – Rusiya və İngiltərənin bu notaya nə cür cavab vermələri məlum deyildir ki? – deyə miss Hannadan soruşdum. – Xeyr, məlum deyildir, – deyə miss Hanna qızdırmanın şiddətindən inildəyərək cavab verdi. Amerikalı qadın dərmanları gətirdi. İbtidai və lazımi müalicə işləri bitdikdən sonra mən vidalaşıb getmək istədim, o mənim əlimi buraxmayaraq: – Getmək olmaz, xəstəyəm. Burada oturmalısınız, heç bir bəhanə də ola bilməz! – Sizi narahat etmək istəmirəm. – Biləks, mən çox rahat olaram. – Elə isə axşam yenə də gələrəm, – dedikdə: – Bir saatdan sonra gözləyəcəyəm, – deyə miss Hanna əlimi buraxdı. Mən şaşırmışdım, kimlərlə danışacağımı qərara ala bilmirdim. «Əcəba, ruslar bu notaya cavab verəcəkdirmi?» – deyə yolumu dəyişdirib Ninanın evinə tərəf getdim. Ninanı evdə tapmadım. Təhminə xanım onun hara isə dərnək məşğuliyyətinə getdiyini xəbər verdi. Hər halda, o, nahar yeməyə gələcək idi. Nina gəlincəyə qədər Təhminə xanım ilə söhbət etdik, Məcidin dərsinə baxdım, nəhayət, Nina gəlib çıxdı. – Səhərdən bir şey yeməmişəm, nahar edək, söhbətimizi sonraya qoyaq, sənin üçün İran hökumətinin notasını oxuyacağam, – deyə Nina tələsik nahar hazırlamağa başladı. Yeməkdən sonra İran hökumətinin notasını oxudu, bu notanı oxuduğumu ona bildirmədim, çünki o bunu harada oxuduğumu soruşa bilərdi. – İran notasına Rusiya tərəfindən cavab verilmişdirmi? – deyə Ninadan soruşdum. – Cavab verilmişdir, – deyə Nina Rusiya notasının müxtəsər məzmununu oxudu: «Rusiya hökuməti, İranın daxili iğtişaşları nəticəsində Rusiya hökumətinə və xüsusi mənfəətlərə toxuna biləcək zərərlər üçün yenə də əvvəldə olduğu kimi, İran hökumətini məsul biləcəkdir. Bundan başqa da Rusiya hökuməti – keçmiş şahı bir ixtilalçı kimi deyil, müharibə aparan bir tərəf kimi tanımağı qərara almışdır». Nina notanın qısa məzmununu oxuduqdan sonra İngiltərə hökumətinin də bu məzmunda cavab verdiyini əlavə etdi. * * * Miss Hanna Şərq haqqında Miss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim. Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi. Mən onun qəbul otağına girərkən o, tualet otağında idi. Beş dəqiqədən sonra çıxdı, gəlib əlimi sıxdı və: – Danışdıqlarım yadımdadır, – dedi, – qızdırmanın nəticəsində deyil, şüurlu olaraq danışırdım. Hər şey yadımdadır. Sizin bir saat əvəzinə iki saat yarım yubandığınızı da bilirəm. – Doğrudur, – dedim, – lakin tez gəlsəydim də, burada oturub gözləyəcəkdim, bununla da sənin qonaq haqqındakı qeydsizliyin meydana çıxacaq və səni məhcub buraxacaq idi. Qız tərs-tərs üzümə baxıb: – Yenə də qonaq kimi, hətta bir diplomat qonaq kimi danışırsız, – dedi. – İndi özünüzü necə hiss edirsiz? – deyə söhbəti dəyişmək üçün soruşdum. Hərarətim sönmüşdür, yüngül nəfəs alıram, buna baxmayaraq, həyatım həbsxana həyatıdır. Bir mənəm, bir də xidmətçi qadın. Bir nəfər də olsun, tanışım yoxdur, – deyə şikayətləndi. Mən daha səmimi görünmək üçün ona «sən» deyə müraciət etdim: – Səni öz yaşında, öz boyunda bir qızla tanış edəcəyəm, hazırlan, sabah axşam yeməyinə onlara gedəcəyik. Sən Şərqdə görmədiyin bir ailə ilə tanış olacaqsan. Təbrizdə yaşayırsan, lakin xam kərpicdən tikilmiş damların içərisini bilmirsən. Zatən xaricdən Təbrizə gələnlərin hamısı belədir, onlar Şərqi zahiri görünüşləri ilə mühakimə edirlər. Əfv edərsiniz, amerikalıların özü də Şərqi kitablardan oxuyur. – Bunun səbəbi nədir? – deyə miss Hanna soruşdu. – Çünki amerikalı və avropalılar Şərqə ancaq pul qazanmaq, müstəmləkə zəminələri hazırlamaq, torpaq, bazar əldə etmək üçün gəlirlər. Cahangirlər Şərqi müstəmləkə qayırmaq üçün onu vəhşi, mədəniyyət düşməni, ixtilalçı, tərbiyəsiz göstərməlidir; bu da onlara «mədəni avropalıları» və Şərqdə yaşayan «mədəni millətləri» müdafiə bəhanəsi ilə Şərqin işğal olunması imkanını verir. Hazırkı Təbrizin vəziyyəti də bunu sübut edir. Təbrizdə hansı avropalını öldürdülər? – Heç kəsi! – deyə qız cavab verdi. – Hansı rus təbəəsi və rus tacirini öldürdülər? – Mən eşitmədim! – Bəs ruslar Təbrizə nə bəhanə və nə haqq ilə girmişlər? Onlar aylardan bəri hökumət qoşunu ilə müharibə edib, öz inqilabı uğrunda ölməyə hazır olanların vətənini nə üçün işğal etmişlər? – deyə davam etdim. Çünki ruslara, ingilislərə Şərqdəki inqilab hərəkatı əl vermir. İnqilab başlıca olaraq bu iki hökumətin mənafeyinə zərbə vurur. Bunun üçün də ingilislər və ruslar «Təbrizdəki xaricilərin malı, canı təhlükə altındadır, – deyə «canavarlar vətəni» olan Təbrizi «xilas etmək üçün gəlmiş» və bütün Azərbaycanı çar xəfiyyələri ilə doldurmuşlar. Sən, Hanna, Şərqi kitablarda, kapitalist və cahangir dövlətlərə satılan «ədiblərin» əsərində oxumuşsan. Bu gün Şərqi yaxından görüb tanış olursan, Təbriz xalqının əxlaqı ilə hüdud xaricində gördüyün çar zabitlərinin əxlaqını müqayisə edib, Şərq xalqını vəhşi və mədəniyyətsiz hesab edənləri tənqid etməyə haqqımız vardırmı? – Əlbəttə, vardır! – deyə qız cavab verdi. – Şərq haqqında yazanlar cahangir dövlətlərdən aldıqları maaşın tələbi ilə yazırlar. Dünya kapitalizminin mənafeyi bunu tələb edir. Onu yeni bazarlar, torpaqlar, imtiyazlarla təmin etmək bütün kapitalist yazıçılarının iş planlarına daxildir. Miss Hanna «doğrudur» – deyə sözlərimi təsdiq etsə də, gözlərinin laübalı bir tərzdə yol çəkməsindən tamamilə fikrimə zidd olduğunu hiss edirdim. Nəhayət, o: – Madam ki, kapitalizmin inkişafı bunu tələb edir və haman yazıçılar, diplomatlar da bu tələbi ödəməyə çalışırlar, o zaman biz onları nə haqla tənqid edə bilərik? – Qız bunu dedikdən sonra mənə cavab verməyə imkan buraxmadan sözünə davam etdi, üzündə mənə qarşı bir töhmət hiss edilməkdə idi: – Heç şübhə yoxdur ki, rus sosial-demokratlarının təsiri altına düşmüşsən. Kapitalizmin inkişafı elə bir zərurətdir ki, ona yardım edənlər həmişə tərəqqipərvər iş görmüş olurlar. Marks proletar hakimiyyəti fikrini meydana atdığı zaman kapitalizm quruluşunun vəziyyəti, hətta dünyanın xəritəsi belə bugünkü şəklində deyildi. Buna görə də Marksın fikirlərini kapitalizmin indiki dövrünə tətbiq etmək doğru deyildir. Miss Hannanın siyasi siması artıq aydınlaşmışdı. Onun haqqındakı düşüncələrim doğrulmağa başladı, onun İngiltərə və Rusiya ilə aparılan mübarizədə bizə verdiyi yardımın mənası da anlaşıldı. – Gözəl Hanna! – deyə sözünü kəsdim və nəvazişlə cavab verməyə çalışaraq: – Marks haqqında yürütdüyün mülahizəyə baxmayaraq, məsələnin əsl mahiyyətini anlamamışsan, – dedim. Bu sözlərimdən qız diksinərək doğruldu, o məndən ilk dəfə idi ki, belə bir söz eşidirdi. O, sevdiyi, bəlkə də, bir gənc tacir olduğu üçün sevdiyi adamdan belə sərt bir cavab eşitdiyinə heyrət edərək üzümə baxdı. – Doğrudur, Marksdan sonra dünyanın xəritəsi, kapitalizm dünyasının vəziyyəti dəyişmişdir. Lakin sən burada böyük bir həqiqətə qarşı göz yumursan. Bugünkü kapitalizm Marks dövrünün kapitalizmi deyilsə, kapitalizmin düşməni olan və bu sinifli, istismarçı cəmiyyətin əsasını, onun dövlət aparatını darmadağın edərək istismar bilməyən sinifsiz sosializm cəmiyyəti qurmaq uğrundakı mübarizədə üzərinə böyük tarixi vəzifələr düşən proletariat da Marks dövrünün proletariatı deyildir. O daha çox mütəşəkkil olmuş, qüvvətlənmiş, onun cərgəsindən inqilabi hərəkatı idarə edəcək böyük rəhbərlər yetişmişdir. Kapitalistlər yeni istismar üsulları düşündükcə proletariat da yeni mübarizə yolları düşünür və bu yollarla qalibiyyət əldə edəcəyinə inanır. Proletariat təpədən-dırnağına qədər silahlanmış kapitalistlərlə mübarizə aparmaq üçün kəskin bir silaha istinad edir. Qız dik üzümə baxmaqda davam edərək tələsik: – O hansı silahdır? – deyə soruşdu. – O silah Marksın proletar inqilabı nəzəriyyəsidir. Qızın üzümə dikilmiş gözləri bir az da geniş açıldı: – Bir tacir olduğunu bilməsəydim, sosial-demokrat işçi ilə oturduğumu zənn edərdim, – dedi. – Belə bir zənnin doğru çıxması səmimi sevgiyə mane ola bilərmi? – Sevgi müəyyən bir vaxta qədər davam edə bilər. – Məsələn, nə vaxta qədər? – Bir sevgi, iki əqidə daşıyan iki gənc biri digərini təslimə məcbur etməkdən aciz olarsa, vəziyyət əvvəlki şəklində qalarsa, o vaxt sevgi davam edə bilməz. Çünki sevgi özü də bir əqidədir, lakin sən öz sözünü bitirmədin. Onun əlini tutaraq davam etdim: – Deyirsən ki, dünya xəritəsi Marksın dövrünə nisbətən dəyişmişdir. Bu belədir. Lakin dünya xəritəsinin dəyişməsi, bir kapitalistin, yaxud bir cahangirin yerini digər bir cahangirin işğal etməsi kapitalizm cəmiyyətinə aid olan xüsusiyyətləri aradan qaldırmır. Əksinə olaraq, dünya xəritəsinin Marksdan sonra aldığı bugünkü vəziyyəti, imperializm dövrünün bütün xüsusiyyətləri, kapitalizm ziddiyyətlərinin daha dərin mənasında kəskinləşdiyini inkaredilməz faktlarla sübut edir. Bütün bu faktlar isə böyük Marksın kapitalizm cəmiyyəti haqqında dediklərini tam mənası ilə təsdiq edir. Burada açıqcasına etiraf etmək lazımdır ki, dünya proletariatının, müstəmləkə xalqları və bütün zəhmətkeşlərin, kapitalizmin ağır pəncəsindən, onun günü-gündən artan hərtərəfli istismarından qurtarmaları üçün yeganə bir yol vardır. – O hansı yoldur? – qız tələsik soruşdu. – Marks göstərən yoldur ki, bu da proletar inqilabı yoludur. Bu yol ilə kapitalistlərin hökmranlığını yıxıb proletar diktaturası yaratmadan, insanın insan tərəfindən hər hansı bir şəkildə olan istismarına nəhayət vermək mümkün olmayacaqdır. Miss Hanna daha sual vermirdi, onun baxışları bu məsələni bitirməyi tələb edirdi. – Söhbətimiz uzun çəkdi, özümüz hiss etmədən gəlib haralara düşdük. – Səni fövqəladə yorduğum üçün üzr istəyirəm, mənə qalırsa, sevdiyin bir adamla məfkurə və əqidə məsələsini aralığa atmaq da doğru deyildir. Dünyanı bizim ikimiz düzəldə bilmərik, – deyərək miss yenə də sevgi nəğmələrini oxumağa, gündəlik sözləri təkrara başladı. Mən iclas çağırdığım üçün miss Hanna ilə vidalaşıb çıxdım. * * * Bir nömrəli şəbnamə Bugünkü iclasda Rus-İran məktəbinin müəllimi, gənc inqilabçı Əkbər Əkbərov da iştirak edirdi. Gündəlik müzakirədə bircə məsələ dururdu. O da bizim gələcək fəaliyyətimizi müəyyənləşdirməkdən ibarət idi. İclası Hacı Əli ağa idarə edirdi. Yoldaşlardan bir çoxu sədrin irəliyə atdığı «nə yolda hərəkət etməliyik?» sualına qarşı uzun-uzadı danışdılar, hamıdan sonra mən söz aldım: – Biz Məhəmmədəlinin İrana kimlər tərəfindən və nə məqsədlə gətirilməsi haqqında geniş kütlə arasında izahat işləri aparmalıyıq. Biz camaata inqilabın tamamilə məğlub olmadığını, məşrutə hökumətinin möhkəm olduğunu, məşrutə ordusunun düşmənə fayiq gələcəyini, ingilis və rus intriqası ilə ciddi mübarizə aparılması lüzumunu anlatmalı, Təbrizdəki Məhəmmədəli tərəfdarlarına meydan verməməliyik. – Hansı vasitə, hansı qüvvə ilə? – deyə Mirzə Əhməd soruşdu. – Müxbirüssəltənənin qüvvəsi iləmi? Biz görürük ki, yerli hökumətdə heç bir qüvvə yoxdur. Müxbirüssəltənə öz başını saxlamağa qadir deyildir. Bugün-sabah onu ruslar Təbrizdən qaçmağa məcbur edəcəkdir. – Biz öz qüvvəmizlə çalışacayıq, – deyə mən onları inandırmağa çalışdım. – Biz gizlin mətbuat vasitələrindən istifadə etməliyik. Bizim səkkizinci, doqquzuncu illərdə düzəltdiyimiz hektoqrafiyalar, mətbəə alətləri hələ işdən düşməmişdir, şəbnamələri yenə də işə salmalıyıq. Təbriz camaatı gizlin mətbuatı, xüsusən şəbnaməçiliyi sevir. Məşədi Kazım ağa da nə qədər para lazımsa, verəcəyini vəd etdi. Bir çox müzakirədən sonra sabahdan şəbnamələrin nəşrinə şüru edilməsinə qərar verildi. Birinci şəbnamənin mündərəcəsini düzəltmək və çap etmək işi mənə və Rus-İran məktəbi müəllimi Əkbər Əkbərov yoldaşa tapşırıldı. Bundan sonra isə şəbnamələri nə yollarla yapışdırmaq məsələsini müzakirə etdik. Bu barədə qərar çıxarıldı: şəbnamələrin yayılmasında Rus-İran məktəbinin tələbələri, dərnəklərdə iştirak edən 28 nəfər gənc, Tütünçüoğlu ilə Həsənağanın verəcəyi 15 nəfər tanınmış mücahid, daha sonra nəzmiyyədə çalışan yüz nəfər inqilabçı gənc iştirak edəcəkdi. Mən bir məsələ daha irəli sürüb: – Yoldaşlar, – dedim, – mühüm bir məsələ var ki, biz onu tamamilə unutmuşuq. Şəbnamələr divara yapışdırıldığı təqdirdə bizim bir çox zəhmətlərdən sonra düzəltdiyimiz Nəzmiyyə təşkilatının vəzifəsi ağırlaşacaqdır. Ruslar iki ayağını bir başmağa taxaraq şəbnaməçilərin tapılmasını tələb edəcək. Müxbirüssəltənə isə bizim Nəzmiyyə rəisini, Əmir Heşmət yoldaşı çağırıb təzyiq edəcək və şəbnaməçiləri istəyəcəkdir. Bu barədə sizin fikriniz nədir? Yenə də sükut iclası bürüdü, sanki Əmir Heşmətin özü də yatmışdı, yuxudan ayıldı. Mənim bu təklifimdən sonra bəziləri şəbnamənin buraxılmamasını məsləhət gördülər, bəziləri də heç bir fikir söyləmədən sükuta dalmışdı. Bir çox müzakirədən sonra şəbnaməni hazırlamaq, onun intişarı haqqında bir daha düşünmək qərara alındı. Gecə saat birdə iclasdan sonra Əkbərov yoldaş ilə bərabər Rus-İran məktəbinə getdik. Orada olan balaca mətbəə vasitəsilə şəbnamə buraxmağı məsləhət gördük. Şəbnamələr hazır idi. Onları divarlara yapışdıracaq adamlar da müəyyən yerlərə toplaşmışdı. Yapışdırılan yerlərin siyahısını nəzərdən keçirdim, doğrudan da, intixab edilən yerlər, xalq çox olan gediş-gəliş yerləri idi. Siyahını Əmir Heşmət düzəltmişdi. Acı körpüsündə ruslar tərəfindən düzəlmiş Culfa-Təbriz şosesinin qapısı Poçtxana Rus konsulxanası İngilis konsulxanası Avstriya konsulxanası Dəvəçi qapısı Nöbər məhəlləsi Qum bağı tərəfləri Qarı körpüsü Şahzadə bağının ətrafı, rus ordusunun yerləşdiyi yerlər Şəşgilan Bağ-meşə keçən bəndlərin və döngələrin ağzı Saman meydanının yanları Sahib-divan bağı Şəmsülüləmanın qapısı Gəcil ağzı Acıdil qapısı tərəfləri Alaqapı, cəbbəxana ətrafları Sürxab Kələntər qapısı Əmirxiz Bank bağı Tacirbaşı məscidi Qara Məlik küçələri Seyid İbrahim məqbərəsi Seyid Həmzə bəstinin yanları Talibiyyə mədrəsəsi ağzı Misgər bazarı Rasta bazar Hacı Səfərəli mədrəsəsi qapısı Mirzə Həsən ağa müctəhidin qapısı Ağa Mirzə Kərim küçəsi Hacı Mirzə Sadıq küçəsi Şıx Əbdürəhim Kuleybərli Hacı Mirzə Əbdülhəsən Surxablı Quruçay tərəfləri Hacı Mirzə Cavad küçəsi Qara ağac Hökmüvar tərəfləri Ağa Bağır məscidi Məscidiyyə xiyabını Rasta küçə Ərk yanları Leylabad Əmir Teymur Bunlardan əlavə, meydanlarda və məscidlərin yanında da şəbnamələrdən yapışdırılması qərara alındı. Konsulların qapısına yapışdırılacaq şəbnamələr Həsənağa və Tütünçüoğluna tapşırılmışdı. İntibahnamələr 1911-ci il iyul ayının 28-də şəhərin divarlarında olmalı idi. * * * Gündüz saat on ikidə evdə oturub qadın azadlığı cəmiyyəti üçün proqram tərtib etmək istəyirdim. Bu barədə Nina ilə məsləhətləşmək üçün onun yanına getməli idim. Məşədi Kazım ağa mənə imkan vermədi. O, yanıma gəldi. Daima fövqəladə bir xəbər eşitdiyi zaman o mənim yanıma gələrdi. Bu dəfə sevincək dedi: – Afərin bizimkilərə, şəbnamələr müvəffəqiyyətlə yapışdırılmışdır. Bir nəfər də tutulmamışdır. Sevindiyimdən şəhərin yarısını dolaşmışam. Bütün şəhər camaatı divarların dibinə yığılıb şəbnaməni oxuyur, konsulların qapısına rus əsgərləri qoyulmuşdur. Xalqın üsyanından qorxurlar. Xalq hər yerdə: «Rədd olsun çar ordusu, rədd olsun çar müstəmləkəçiliyi» – deyə qışqırır. İngilislər haqqında da etiraz səsləri eşidilməkdədir. Qacarların xəyanəti haqqında da danışanlar çoxdur. – Başqa bir yenilik yoxdurmu? – deyə soruşduqda, o: – Bir şey eşitmədim, ancaq bunu bilirəm ki, hökumətin əmrinə görə, bütün Təbriz nəzmiyyəsi ayaq üstündədir. İşin açılmasından qorxuram, – deyə fikrə getdi. – Qorxmağa lüzum yoxdur. İş açılsa da, bizim qələbəmizlə qurtaracaqdır, – dedikdə o, təəccüblə mənim üzümə baxdı. Çayı tez içib dışarı çıxdıq. Yolumuz Göy məscid qabağından idi. Orada divara vurulmuş şəbnaməni bir daha gözdən keçirdim: «Təbriz camaatı! Siz bir tərəfdən daxili əks-inqilab, o biri tərəfdən də çar və ingilislərlə olan mübarizədə qalib çıxdınız. O qalibiyyəti sizdən almaq üçün ingilis və çar hökumətləri İrandan qovulmuş Məhəmmədəlini təzədən İrana gətirirlər. Lakin bilməlisiniz ki, bununla inqilab məğlub olmayacaqdır. İstər ingilislər, istərsə çar hökumətinin özü Məhəmmədəlinin qalib gələbilməyəcəyinə, taxtı və tacı əldə edəməyəcəyinə əmindir. Onlar bununla məşrutə hökumətini qorxudub Məhəmmədəlinin onlara verdiyi imtiyazlara bir daha imtiyazlar əlavə etmək istəyirlər. Onlar bilirlər ki, sabiq şah bir neçə vəhşi Şahsevən, Türkmən, Cəfərbay, Talış, Mikayıllı, Hacıxocalı, Canxanlı, Poladlı və başqa başıpozuq qəbilələrin vasitəsilə qalib gəlmiş inqilabı əzə bilməyəcəkdir. İran hökuməti İngiltərə-Rusiyanın 20 avqust müqaviləsini pozduqlarını və sabiq şahı müdafiə etdiklərini göstərərək kəskin bir nota vermişdir. Yuxarıdakı hökumətlər isə Məhəmmədəlini bir ixtilalçı kimi deyil, bir müharibə edən tərəf kimi tanıdıqlarını İran hökumətinə xəbər vermişlər. Təbriz camaatı! Siz bilirsiniz ki, bir neçə ay bundan əvvəl Rusiya hökuməti bir dəfə də bu cür bir macərada bulunmuşdu. O, Rəhim xan Cəlbiyanlı vasitəsilə bir neçə şəhəri qarət etdirmişdi. Bilirsiniz ki, Yefrem və Sərdar Bahadır Rəhim xanı tamamilə əzib Rusiyaya qaçmağa məcbur etdilər. Bilirsiniz ki, Rəhim xan hadisəsindən sonra rus zabiti Darab Mirzə sabiq şahın adından məşrutəçilərə elan-hərb etdi, siz bilirsiniz ki, Çarkar kəndi yanındakı müharibədə məşrutəçilər Darab Mirzənin ordusunu əzdi. Hətta Darab Mirzəni məhv etmək imkanını əldə etdi. Təbriz camaatı! Siz bilirsiniz ki, ancaq rus kazakları Darab Mirzəni məşrutəçilərin əlindən aldı və əvəzində məşrutə ordusunun komandanı Əli xanı da öldürdü. İndi çar hökuməti Məhəmmədəlinin üzünü bəzəyib meydana salmışdır. Təbriz camaatı, bütün qüvvənizlə məşrutənin müdafiəsinə çalışmalısınız, bütün bu macəra İranı tamam bir müstəmləkə halına salmaq istəyən ingilis və Rusiyanın əli ilə düzəlir. Məşrutə ordusunun yardımına qoşun! Düşmən Tehran üzərinə hücum etməkdədir. Məşrutə ordusu düşməni Tehrana buraxmamaq üçün Tehrandan hərəkət edib irəliləməkdədir. Müstəmləkəçilərlə və onların əlində alət olan daxili əks-inqilab ilə mübarizəyə hazırlaşın! Təbriz yenə də öz keçmiş qəhrəmanlığını göstərməlidir. Şəbnamə heyəti – təhririyyəsi». Şəbnamə oxuyanların danışdıqları şəbnamənin nə kimi təsir bağışladığını göstərməkdə idi. – Şəbnaməçilik ən doğru yoldur. – Doğrudur. Açıq mətbuatda bu sözləri yazmaq olmaz. – Əlbəttə, yazmaq olmaz. Ağa, buna ingilis, buna urus deyərlər. Bizim bir parça kağızdan başqa nəyimiz vardır? – Gədə, səsini kəs! Hər iş kağızdan çıxır da! Bu kağızı divara sənin kimi bir adam yapışdırmayıbdır? Bunu yazan özgə iş də görə bilər. – Burada yenə ingilis-rus barmağı var. Ağa Həsən, nənəmin qəbri haqqı, bunun vasitəsilə bizi sınamaq istəyirlər. Bu cür kağızları görəndə göz yumub keçmək lazımdır. – Bəsdir gözümüzü yumduq. Bəlanın böyüyü də gözümüzü yummaqdan gəlməmişmi? Məşrutə hələ diridir, o öz düşməninə yenə də qalib gələ biləcəkdir. Təbriz üsyanını qaldıranlar da ölməmiş. O fikir də hələ diridir. Mən Zeynal yenə də deyirəm ki, bunu yazanlar ilə bərabər ölümə gedərəm. Bu kağız göstərir ki, bizimkilər işləməkdədir. – Afərin Zeynal! Mən də deyirəm, hərəkatın rəhbərləri bizi yenə də yadından çıxarmamışlar. – Sənin başından qovurma qoxusu gəlir. Hazırda Təbrizin İran şəhəri olduğuna kim inana bilər? Gədə, necə məşrutə? Ağa, necə rəhbər? Rəhmətliyin oğlu, başın imperator bayrağının altında dura-dura yenə də axmaq fikirlərdən əl çəkməmisən. – Bu sözlərin yeri deyil. Hələ kimlərin məğlub, kimlərin qalib gələcəyini bilmək olmaz. Məscidlərin qapısında daha böyük izdiham var idi. Təbrizin mollası, taciri, hambalı, dükançısı, ayaqqabı silənlərinə qədər işini buraxıb şəbnamələrin ətrafına toplaşmışdı. Birisi ucadan, hətta yüz nəfərin eşidəcəyi qədər ucadan oxuyur, başqaları da qulaq asırdı. Biz orada ayrıldıqda Əmir Heşmətin nəzmiyyələri küçələrə çıxıb şəbnamələri divarlardan qoparmaqda idi, ancaq onlar durub gözləyir, şəbnamə oxunub qurtardıqdan sonra qopanırdılar. Bununla da rus konsulunun məhəlli hökumətə nota göndərdiyi və təzyiq göstərdiyi məlum olurdu. Çar himayəsində olanlar, çarın səmimi rəiyyətləri və onların sırasından çıxan fəxri casuslara gəldikdə, onlar da zəhərlənmiş siçanlar kimi biri digəri ilə burunlaşır, o tərəfə-bu tərəfə qaçırdılar. Şəbnamənin bütün Təbriz xalqını ruslara və ingilislərə qarşı böyük bir nifrətlə ayağa qaldırdığı bizdə böyük bir ruh oyandırmışdı. Bizi maraqlandıran iki məsələ idi. Onlardan birisi konsulxanalardakı düşüncələr, o birisi də Əmir Heşmət nəzmiyyəsinin özünə bəraət qazandırıb, qazandırmaması idi. Çünki Müxbirüssəltənə rus və ingilis konsullarının təzyiqi nəticəsində nəzmiyyə rəisi olan Əmir Heşməti sıxışdıracaq və şəbnaməçilərin tapılmasına tələb edəcək idi. Biz bu fikirdə ikən Hacı Səfərəli mədrəsəsinin yanından keçirdik. Nəzmiyyə mədrəsəni dörd tərəfdən mühasirəyə almışdı. Yenə də cürbəcür sözlər eşidirdik: – Şəbnamələri burada düzəltmişlər. Nəzmiyyə içəridə axtarışa başlayıbdır. – Bura bir vaxt müstəbid tələbələrin yuvası idi. – İndi də elədir. – Buradakılar Mirzə Kərim imamcümənin gözlərinin işığıdır, sağ əlidir. – Burada bir hiylə vardır. Hərgah burada bir şey tapsalar da, bu, Mirzə Həsən müctəhidin, o namusəlman köpəkoğlunun işidir. Çünki onun Mirzə Kərim ağa ilə arası yoxdur. Bu vasitə ilə ağanı ləkələmək və imperatorun yanında bədbəxt etmək, nəzərdən salmaq istəyirlər. – Allaha təvəkkül, görək necə olacaqdır. Mən heç inana bilmirəm. Mirzə Kərim ağanın müridləri bu cür işi görməz. Biz danışılan söhbətlərə qulaq asdığımız zamanda düşünürdük. Əcəba, Əmir Heşmət Müxbirüssəltənənin və rus konsulunun fikirlərini şaşdırmaq, eyni zamanda rusların öz əlləri ilə onlara tərəfdar olan bir neçə mədrəsə köpəyini tələyə sala biləcəkmi? Bu halda on nəfər nəzmiyyə ilə Əmir Heşmət mədrəsədən çıxdı. Onların arasında dörd nəfər məşhur əks-inqilabçı tələbə də var idi. Nəzmiyyənin əlində ağ bezdən tikilmiş bir kisə gördük, hamı kisənin içində şəbnamə olduğunu zənn edirdi, kisənin üzərində belə bir yazı oxunurdu: «Bidaneyi əla, əmanəti ümdətülmüctəhidin və əhlülhəqiqin Hacı Mirzə Həsən ağa, damaiqbaləhü». Mədrəsə qarşısında toplananlar və bunların arasındakı Mirzə Kərim ağa tərəfdarları bir səslə: – Ağa, bu Mirzə Həsən laməzhəbin hiyləsidir. Bu, günahsız tələbəni bədbəxt etmək istəyir. – Ağa, bunu Mirzə Kərim ağanın düşmənləri düzəldibdir. Hər tərəfdən bu cür səslər eşidilirdi. Bu vaxt Əmir Heşmət camaata müraciətlə dedi: – Ağalar, həyəcana və bəzi nalayiq sözlərə ehtiyac yoxdur. Nəzmiyyə idarəsi məsələni lazımınca təhqiq edəcəkdir. Müqəssir olmayanlara cəza verilməz və şəbnamə olan kisə ilə bərabər tələbələri də nəzmiyyə idarəsinə apardı. Hələ tez idi. Nə Ninanı, nə də miss Hannanı görmək və konsulxanalardakı vəziyyəti öyrənmək mümkün olmayacaq idi. Tələbələrin tutulması, kisənin Mirzə Həsən ağaya mənsub olmasının da konsulxanada nə kimi fikirlər oyandırdığını bilmək maraqlı idi. Hər halda, mən bunu ancaq saat dörddə öyrənə biləcək idim. Çünki qızların hər ikisi işdə və vəzifə başında idi. Buna görə də biz birlikdə Məşədi Kazım ağanın ticarət odasına gəldik. Burada böyük bir izdihama təsadüf etdik. Məşədi Kazım qulağıma pıçıldayaraq dedi: – Bunlar Amerika ticarət müəssisələri ilə alış-veriş edən tacirlərdir. Malların hamısını aldığımı və amerikalıların ticarəti dayandırdıqlarını anlayıblar. İndi məndən bir şey qoparmağa gəliblər. Oturun, yaxşı diqqət edin, görün necə fırıldaqlar çevirəcəkdir. Tacirlər Məşədi Kazım ağanı aldadaraq, onun əlində olan mallardan bir qismini qoparmaq üçün biri digəri ilə götür-qoy edib dilləşdikdən sonra gəlmişdilər. Onlar mal söhbəti etmir və Məşədi Kazım ağadan da mal istəmirdilər. Bir azdan sonra onlardan birisi bir teleqram çıxarıb oturanlara göstərdi və dedi: – İndi bu saat Amerika konsulxanasında idim. Kredit və mal buraxılması üçün Vaşinqtondan teleqram alındığını söyləyirdilər. Özümə də teleqram gəlmişdir. Bunu deyərək yenə də qoynundan bir teleqram çıxarıb oxudu: «Təbrizdəki malları satıb rədd elə. Vaşinqtondan İrana bir böyük partiya mal göndərildi». Digər bir tacir də çox soyuqqanlılıqla: – İğtişaşdır. İndi hansı ağılsız anbarında mal saxlaya bilər. Kim deyir ki, Təbriz bazarı sabah talanmayacaqdır? – dedi. Daha bir başqası: – Amerikalılar da axmaq adam deyildir, – dedi, – elə bir şey olmasaydı, malları başlarından rədd etməzdilər. – Amerika mallarının əhəmiyyəti də yoxdur. Çünki ingilis və rus malları sel kimi axıb İrana gəlir. Tacirlər bu söhbətləri zəncir həlqəsi kimi biri digərinin quyruğuna düzürdülər. Məşədi Kazım ağaya gəldikdə, sanki o bu söhbətləri heç də eşitmirdi. O bütün İran tacirlərində olan bir xüsusiyyətlə: – Ağaya çay gətirin, cənaba qəlyan verin. Ağanın mərhəməti artıq, ağaya təşəkkürümüz vardır. Mərhəmətinizi əsirgəməyin. Ağa, biz sizin kiçiyinizik. Ağanın fərmayişi dürüstdür. Hər halda, bizim hücrəmizi müşərrəf buyurmuşsunuz. Ümidvarıq ki, yenə də təşrif buyuracaqsınız, – deyir və gözünün ucu ilə mənə baxırdı. Mən, doğrudan da, belə bir tacir məclisini birinci dəfə gördüyümdən olduqca maraqlanırdım. Nə isə Məşədi Kazım ağanın bir tacir olduğuna baxmayaraq, müvəffəqiyyət qazanması ilə maraqlanırdım. İran tacirləri içərisindəki demokratların hamısı bunun kimi əliaçıq və inqilaba sadiq deyildi. O, tacirləri çox nəzakət və iltifatla qarşılayır və bir kəlmə də olsun mal barəsində danışmayırdı. Bir şey qopara bilməyəcəklərini duyduqlarından tacirlər birər-birər dağılıb getməyə başladılar. Tacirlər çıxıb getdikdən sonra Məşədi Kazım ağa mənə müraciətlə: – Beladır yoldaş, – dedi, – məqsədimizin irəli getməsi üçün pul yardımı verən bir təşkilat yoxdur. Biz gərək pulu öz cibimizdən götürək. Pulu da bizim yerdə belə qazanmaq olur. Ticarət fırıldaqçılıqdır. Hər kəs bunda mahirsə, o, qalib gələ bilər. Madam ki, həyatın quruluşu beladır, mən də gərək o quruluşun hökmü ilə rəftar edəm. Mən də gərək yalan deyəm, and içəm, mən də gərək tacirlərin dilini işlədəm. Mən bilirəm ki, məsləyimiz buna yol vermir. Amma bir Kazım ilə iş keçməz. – Doğrudur, – dedim, – yerli ticarətin qanunu bunu tələb edir. Sizin müsbət tərəfiniz də odur ki, qazancınızın bir hissəsi xalqın azadlığı yolunda sərf olunur. Bu da sizin bütün nöqsanlarınızı örtür. Bu da sizi heç vaxt unutdurmayacaqdır. Mən Təbrizdə inqilabçılıq iddiasında olan bir çox tacirlərin mücahidlərə maaş parası toplandığı vaxt bir şey bəhanə edərək döyüşdüyünü, əncüməni atıb getdiyini də görmüşəm. – Mənim nəinki qazancım, hətta sərmayəm də inqilab yolunda sərf oluna bilər. Məni Hacı Əli ağadan bir daha soruşun. Mən sizin hər əmrinizə hazıram, – deyə Məşədi Kazım ağa məni əmin etməyə çalışdı. Biz evə yenicə gəlmişdik. Nahar süfrəsi açılmaq üzrə idi. Nina içəri girdi və: – Mən artıq buranı tanımışam, konsulxanadan çıxıb düz bura gəlmişəm, – deyə üzümə tərs-tərs baxdı. – Nə üçün evə nahara gəlmirsən? Hər gün sənin dalınca bura gəlməkmi lazımdır? Bu gün səninlə ciddi danışacağam. Aramızdakı anlaşılmazlıq ləğv edilməlidir. Belə olmaz. Doğrusu, evlərin ikisindən birini ləğv etməliyik, – dedi və sükuta daldı. Nina acıqlı idi. Onu sakit etmək üçün: – Bilirsən, gözəl Nina! Evlərin ikisi də sənindir, – dedim. – Konsulxana, işin şübhəsini qazanmamaq üçün bizim bu evi saxlamağımız lazımdır. İclasımız da burada olur, qonaqlar da bura gəlir, xüsusən yaxın günlərdə Ələkbər yoldaş da qayıdıb gələcəkdir. Biz bu evlərin birini deyil, ikisini də ləğv edəcəyik. Hələlik sənin konsulxanada gizli şöbə müdiri təyin olmağın bizə böyük yardım edir. Bu xidməti və hazırkı vəziyyəti davam etdirməyi bizim inqilabi fəaliyyətimiz tələb edir. Nə sən, nə də mən burada həmişəlik qalmayacayıq. Mənə qalırsa, sənin bu barədə rahatsız olmağına heç də lüzum yoxdur. Müstəmləkəçilərin ayağı altında əzilən Təbrizə yardım və onu müdafiə üçün bu kimi müvəqqəti sıxıntıları çəkməliyik. Səni qeyri-müəyyən bir vəziyyətdə qoyduğumdan özüm də utanıram. Mən də gəncəm, mən də gözəl həyat qurmağı sevirəm, mən də sevdiyim yoldaşım ilə bir gənc kimi məsud yaşamaq və gəzmək arzusundayam. Lakin harada, nə vasitə ilə, hansı şəraitdə? Lakin inanıram ki, biz buna imkan bulacağıq, buradan qələbələrlə gedəcəyik. Biz Təbrizi, Təbriz isə bizi yaxşı adla xatırlayacaqdır. – Məni bütün ağırlıqlarla mübarizəyə məcbur edən də budur, – deyə Nina şiddətlə ağladı. Bu halda Səriyyə xala içəri girdi. Ninanın bu vəziyyətdə görərkən, o da öz qəlbinin xüsusiyyətlərini gizləyə bilməyib ağlayaraq: – Nə üçün bu yazıq qızın qəlbinə toxundun? – dedi. Nina gözlərini silərək Səriyyə xalaya müraciətlə: – Get Təhminə xanıma söylə ki, mən nahara gəlməyəcəyəm, naharı burada yeyəcəyəm, – dedi və redikülündən altı qran gümüş pul çıxarıb Səriyyə xalaya bağışladı. Səriyyə xala getmək istədikdə mən: – Onların ikisini də götürüb bura gətirərsən, – deyə tapşırdım. Nina daha danışmırdı. O, daim mənə acıqlandıqdan sonra sakit olur və acıqlandığına utanırdı. – Danış görək, – deyə onu oxşayaraq soruşdum, – şəbnamələr konsulxanada nə kimi təsir bağışladı? – Danışmıram! – deyə əlimi rədd etdi. Mən onun əlini tutub buraxmadım, divanın üstündə oturmağa məcbur etdim, oturdu, bir neçə dəqiqə danışmadı, başını aşağı salmışdı. Bir azdan sonra gözünün ucu ilə mənə baxdığını və gülmək istədiyini hiss edincə, bir daha onu təskin edərək dedim: – Nina, bir gəncin gedəcəyi yolun böyük faizini getmişik. Bizim geri qayıdacaq yolumuz yoxdur. Səadətimiz gələcəkdədir. Biz o səadətin xatirəsinə müvəqqəti ağırlıqlara davam gətirməli və yabançı düşüncələrə meydan verməməliyik. Xüsusən sənin özün də acıqlanmaq, hətta bir qəlbi incitmək üçün yaranmamışsan. Hətta bunu bacarmırsan da, sənin gözlərin ağlayanda belə gülür, sənin acıqlanmağın belə insana bədii bir təsir bəxş edir, ruh yüksəkliyi verir. Nina ayağa qalxdı, nahar süfrəsini düzəltməyə başladı, rəngi tamamilə dəyişmişdi. Bir az sonra tamamilə açılaraq: – Konsulun öz dilindən eşitdiklərimi deyirəm, – dedi, – intibahnamələrin işi beş nəfər tələbənin işi deyildir. Mütəşəkkil bir cəmiyyət işidir, təşkilat yaradıcılığıdır. Bu iş bizim fikrimizi başqa bir tərəfə çevirmək üçündür. Mədrəsə təşkilatı olsa belə, müntəzəm bir təşkilatdır. Bu göstərir ki, Təbriz inqilabı hələ sönməmişdir, o, istədiyi vaxt öz qüvvəsini toplaya bilər. Bütün divarların bir gecə içində bəzənməsi Təbriz inqilabçılarının İngiltərə–Rusiyaya qarşı başlamaq istədiyi müsəlləh üsyandan daha mənalıdır. Bu hərəkat, gizli hərəkat tərbiyəsi almış yüzlərcə adamın hərəkatıdır. Bu qüvvət istədiyi zaman Təbrizi inqilab yuvasına döndərə bilər və müəyyən adamları terrorizə edə bilər. Kral və imperator hökumətləri buna qarşı laqeyd qalmamalıdırlar. – Sonra necə oldu? – İntibahnaməni Peterburq və Tehrana göndərdilər. Məhəlli hökumətə də nota verilmişdir. İntibahnamədə imperator və kral hökumətlərinin təhqir olunduqları qeyd edilməklə İran hökuməti məsul tutulur. – Tutulan tələbələr nə deyirlər? – Konsulxanaya gələn məlumata görə, mənzilindən intibahnamə çıxan tələbə onun Mirzə Həsən ağanın nökəri tərəfindən gətirildiyini söyləmişdir. Bunların hər ikisi rus himayəsindədir. Mirzə Həsən və Mirzə Kərim ağalardan bu barədə izahat istənilmişdir. – Təbriz nəzmiyyəsinin izahatı haqqında bir söz eşitdinmi? – Eşitdim. Nəzmiyyələrin dediyinə görə, gecə saat dörddə qoltuğunda ağ bağlama olan iki adamı təqib etdikdə onlar Hacı Səfərəli mədrəsəsinə girmişlər. Polisləri çağırdıqda həmən tutulan dörd nəfər tələbənin ikisini tanımışdır. Konsul Təbriz nəzmiyyəsindən heç də şübhələnmir. Bu barədə əmin ola bilərsiniz. Nina bu sözləri dedikdən sonra bir daha: – Ayıq olun, bütün çar casusları səfərbər edilmişdir, – deyə tapşırdı. – Qorxma, təşkilatımız sınanmış təşkilatdır, – deyə cavab verdim. * * * Hacı Əli ağanın ziyafətində Mən bir az yubanmışdım. Miss Hanna həyəcanlı bir surətdə evdə gəzişirdi. O məni görərkən indiyə qədər dilinə gətirmədiyi sözləri deməyə başladı: – Gecəyarısına qədər ticarət olmaz ki! Səni qul edən ikinci bir səbəb vardır, ona mən inanıram, hiss edirəm, sən daim məni görərkən fikrə dalırsan, sən qəlbi özündə olmayan bir gəncə bənzəyirsən. Sən məni səfərdə ikən bundan daha artıq sevir və hörmət bəsləyirdin, halbuki o vaxt mən öz qəlbimi, öz iradəmi əlimdən verməməyə çalışırdım. İndi isə o əlimdən çıxmışdır. Sən isə... – deyə bir qədər dayandı və qəti qərara gəlmiş kimi: – Əziz dostum! – dedi, mən dinc bir düşüncə ilə yaşamaq imkanını itirmişəm, indi bu imkanı gərək sən yaradasan. İki saatdan bəridir ki, səni gözləyirəm. İki saat! Bunun hər dəqiqəsində başımdan minlərcə fikirlər gəlib keçir. Bəzən özümə nifrət edirəm. Lakin məni təskin edən bir şey varsa, o da daim fikrimdə danışdığım bir cümlədir: «Hanna, səbir et, özü yıxılan ağlamaz!» Miss Hanna bu sözləri ayaq üstündə həyəcanlar içərisində söyləyirdi. Bir kərə də olsun üzümə baxmırdı. Sanki öz-özünə danışırdı. Sözləri məzmunca acıqlı, şıltaq bir qızın sözlərini xatırlatsa da, çöhrəsi incə, yalvarıcı, şikayətedici, yardımbəkləyici bir qızın çöhrəsini ifadə edirdi. O, danışmaqdan və gəzməkdən yoruldu, arxası mənə tərəf olaraq qarşımdakı qoltuqlu səndəlin üzərinə oturdu. Onun bu hərəkətini dəfələrlə görmüşdüm. Bu oturuşu saçlarını oxşamağımı, onu ovundurmağımı tələb edirdi. Mən burada bir az təxir etmişdim. Onun bu vəziyyətindən xeyli mütəəssir olmuşdum. Bu təxirim qızda ikinci bir dönüş yaratmış oldu. Göz yaşlarının damcıları düşmək üçün hazır saxlanmış kimi abı ipək donunun üzərində düşüb parçalanırdı. Qız ağlayır, mən də başının üstündə durmuşdum. Bir-birini təqib edən damcılar da sanki məndən «qızı sakit elə, ruhunu oxşa!» deyə tələb edirdi. «Buradan qayıt get! Hər şeyi başlı-başına burax! İnqilab və məfkurən bunu tələb etsə belə, günahsız və sevgisinin əlində əsir olan bir qızın vəziyyətindən istifadə etmək insafsızlıqdır, rəhmsizlikdir» – düşündüm, lakin bu yoldan ani bir surətdə qayıtdım. «Yox! Bu yol doğru yol deyildir. Qızın ağlamasından darılmamalıyam. Qızlar sevdiyi və sevildiyi zamanlar da nə qədər çətinliklər çəksələr də, eyni zamanda ondan mənəvi ləzzət də almış olurlar». Mən bunları düşünərkən özüm belə hiss etmədən miss Hannanın saçlarını barmaqlarımın arasında gördüm, oxşayır, ovundurmağa çalışırdım. Sevgi həyatın hadisəsidir, sevgi gəncliyin ilk məhsuludur. O, zəruri bir haldır. Hərgah miss Hanna bir neçə ay əvvəl bununla mübarizə aparmış və sevgi hadisəsindən yaxasını qurtarmağa çalışmışsa da, o, təbiətin məcburi hadisəsi ilə nəticəsiz, çocuqcasına bir mübarizə aparmışdır. Mən vaxtilə bunu hiss etsə idim, miss Hannanı belə nəticəsiz və əzici düşüncələrdən mən edər və ona qismən yardım edə bilərdim. Təəssüf olsun ki, mən o zamanlar gözəl Hannanın səmimi və incə sevgilər bəsləyən qəlbinə yol tapa bilməmişdim. Artıq miss davam gətirə bilmədi. O qalxdı və gülərək əllərimdən tutdu: – De görüm harada idin? – deyə soruşdu. – Mən sevgi hadisələrinin nəticəsini görmək və miss Hannanı ziyarət etmək üçün tələsirdim. – Demək, sən məni bir aktrisa, özünü də bir tamaşaçı kimi hiss edirsən? – Xeyr, mən də bir aktyoram, mənim də həyatda müəyyən rolum vardır. «Zatən həyatın hər yeri bir səhnə, bir şəkil, İnsan bir aktyor, dəyişir bil ki, müttəsil». Bu kimi şeirlər tənqid edilsə də, bizim bugünkü vəziyyətimiz üçün olduqca uyğun, olduqca da münasibdir. – Mən rolda deyiləm, sən də rolu burax, ikimiz də səmimi və həqiqi həyat qurmalıyıq. – Gözəl Hanna, rol səmimiyyəti ləkələyə bilməz, biləks o, həyatın üzərindəki ləkələri təmizlər, dediyin kimi həqiqi bir şəklə salar. – İndi de görüm, biz gəzməyə getməyəcəyikmi? – Gedəcəyik, Hacı Əli ağanın ziyarətinə gedəcəyik. Sən orada bir iranlı qızı ilə tanış olacaq, onunla ingiliscə danışacaqsan. Sən o qızı görmüsən, lakin tanış olmamısan. Bu gün tanış olacaqsan. Qız birdən yadına düşmüş kimi mənə belə bir sual verdi: – Bugünkü intibahnamələrdən xəbərin vardırmı? – Necə ki, yoxdur. Özüm divarda oxudum. – İntibahnaməni tərcümə etdim, həm Tehranda Amerika səfirinə, həm də Vaşinqtonda xariciyyə nəzarətinə göndərdim. Amerika konsulxanası qəribə bir fikirdədir. Gizlin bir cəmiyyətə kömək etmək fikrindədir. Bu barədə müəyyən adamlara müəyyən vəzifələr tapşırılmışdır, bu məsələnin genişləndirilməsi üçün çalışacaqdır. – Müqəssirlər tutulmuşdur. – Tutulanların işi şübhəlidir. İki böyük müctəhidin adı çəkildiyindən rus konsulu məsələni yatırmağa və əhəmiyyət verməməyə çalışacaqdır. Çünki onların hər ikisi çar tərəfdarıdır. Vaxtilə hər birisinin haqqında səfarətə və xariciyyə nəzarətinə kitab böyüklüyündə tərifnamələr yazılmışdır. Buna görə də öz nüfuzunu itirməmək və mərkəzin yanında özünün yanıldığını isbat etməmək üçün məsələnin üzərindən keçəcəkdir. Burası Amerika konsulxanasına aydındır. Qız ağlayıb islatdığı paltarlarını dəyişmək üçün içəri otağa keçdi, mən də Amerika konsulunun bizdən ruslara və ingilislərə qarşı istifadə etməsini düşünürdüm. Qızın geyinməsi yarım saatdan artıq çəkdi. Onun bugünkü incə və nəfis paltarlarını ilk dəfə idi ki, görürdüm, zatən onunla dışarı çıxdığım da Təbrizdə birinci dəfə idi. Qız bu gəzintidən çox məmnun idi. Hacı Əli ağanın evinə qədər miss Hanna özünün müəyyən olmayan vəziyyətindən danışırdı. – Mən də səni anlaya bilmirəm, – dedim, – sən ağıllı, kamallı qızsan. Bilirsən ki, sevginin xüsusiyyəti də düşüncələr yaratmaq, şübhələr doğurmaqdır. Sevgi bəzən kiçik bir hissi böyüdərək qaba və əzici bir düşüncə şəklinə sala bilər. Bu düşüncələri özlərindən rədd etməyə qabil olmayanlar intihara qədər də varıb çıxa bilər. Buna görə də sən bəzi düşüncələrə yol verməməlisən. Bizim vahid və yeganə bir məqsədimiz olmalıdır: səmimi sevgini yaşatmaq, onun davamı yolunda mülahizə ediləcək tikanları, maneələri qırıb atmaq! O tikanlar isə yersiz düşüncələr və şübhələrdən ibarətdir. Hacı Əli ağanın evinə yaxınlaşırdıq. Bayaqdan bəri məni dinləyən miss Hanna aciz bir vəziyyət alaraq: – Bunları mən də bilirəm. Amma bilməkdən nə olsun, bacarmaq lazımdır. Mən özümlə bacara bilmirəm, – dedi. * * * Qapını Hacı Əli ağa açdı, əlində fənər var idi. Evə qədər biz bağçanın içərisi ilə getməli idik. Bağça ancaq ikicə fənərlə işıqlanmışdı. Eyvan böyük fənər və lampalarla işıqlandığından gündüz kimi işıq idi. Miss Hanna eyvana çıxar-çıxmaz iri və qara gözlü, top saçlarını bir yerə toplayaraq sol çiynindən köksünə salmış bir qız onu qarşıladı. Mən onunla tanış idim, miss Hannanı ona təqdim etdim, qız isə əlini miss Hannaya uzadaraq: – Dilbər Əlizadə, – deyə tanış oldu. Bundan sonra onlar ingiliscə danışmağa başladı, mən bir şey anlaya bilmirdim. Biz böyük salona, miss Hanna ilə Dilbər xanım başqa bir otağa keçdilər. Bir azdan sonra Məşədi Kazım ağa da gəldi. Bütün ailə çay masasının başına toplandı. Burada da qızlar ingiliscə danışırdı. Miss Hanna Dilbər xanımın ingiliscə danışmasını qeyd edərək: – İran qızları mədəniyyətə olduqca qabildirlər. Bilmirəm, nə üçün onları amerikalılar məktəbinə vermirlər? – dedikdə Hacı Əli ağa: – Əvvəla, məktəb çox para tələb edir, ikinci də, heç kəs qızını açıq buraxmağa razı olmur, – deyə cavab verdi. – Bizim məktəbimiz parasız deyildirmi? – Xeyr, – Dilbər xanım cavab verdi, – yalnız amerikalıların toplayıb saxladığı uşaqlar üçün pulsuzdur, başqaları ağır tədris haqqı verməlidirlər. – Amerika məktəbi, – deyə Hacı Əli davam etdi, – türk qızlarının götürülməsinə imkan vermir, bunun mühüm bir səbəbi vardır. Çünki məktəbə girən türk qızı məktəb proqramlarının bir çoxunu qəbul etmir. Məsələn, din dərslərini, kilsə dərslərini, ibadət, keşiş və rahibə tərbiyəsini sevmirlər. Daha açığı, missionerlik təlimatına rəğbət göstərmirlər. – Məktəb proqramına toxunmamaq üçün bütün dərsləri, hətta dini dərsləri də keçmək, eyni zamanda keçilən dərsin təsirinə düşməmək də mümkündür. Amerika məktəbləri Şərqdə böyük bir mədəniyyət ocağıdır. İranlıların bundan istifadə etməməsinə təəssüf etməlidir. Miss Hannanın bu fikrinə belə cavab verdim: – O qədər də təəssüf ediləcək hal deyildir. Biz birkərəlik bunu bilməliyik ki, insan, xüsusən gənc öyrəndiyini unuda bilməz. Xüsusən məktəbin, dərsin əxlaq üzərində böyük təsiri vardır. Mən miss Hannanın bir fikri ilə şərik ola bilmərəm. O nə deyir? O deyir ki, «dərslərin hamısını keçmək olar, eyni zamanda keçilən dərsin təsirinə düşməmək də mümkündür». Bu fəlsəfə qəbul ediləcək bir fəlsəfə deyildir. Əvvəla, gənc bir qəlb, çocuq qəlbi pedaqoji təsirlərdən çox çətinliklə yaxasını qurtara bilər. Miss Hanna icazə versəydi, məsələni bir az da dərinləşdirmək mümkündür. – Buyurun, buyurun! – deyə miss Hanna qeyri-təbii gülümsünərək cavab verdi. – İstədiyiniz kimi danışın. Dilbər xanım da: – Buyurduqlarınız həqiqətdir. Sözünüzü davam etdirin, rica edirəm, – dedi. – Uşaq məktəbdə aldığı pedaqoji təsirlərdən çıxa bilməz. Hələ İranda, yaxud Şərqin başqa ölkələrində açılan əcnəbi məktəblərinin dərs üsullarını, pedaqoji metodlarını götürmüş və diqqətlə nəzərdən keçirmiş olursaq, orada dini və mövhumi təsirlərdən başqa, daha qorxulu bir təsir vardır. Əcnəbi məktəblərindəki missioner hipnozu təsirindən başqa, bir də müstəmləkəçilik siyasətinin ünsürləri mövcuddur. Bu kimi məktəblərə, hansı bir dövlətin tərəfindən açılarsa - açılsın, gələcək istismar, gələcək müstəmləkəçilik üçün hazırlıq aparan bir aparat kimi baxmalıdır. Belə məktəblər, digər tərəfdən də yerli və milli mədəniyyətin inkişaf etməsi üçün böyük bir manea törədir. Gələcəkdə bu kimi məktəbləri bitirib çıxan müxtəlif fikirli, müxtəlif əqidəli şərqlilər öz milli mədəniyyətini yarada bilməyəcək, hətta yaratmaq da istəməyəcəkdir. – Heç olmazsa, lisanı öyrənmək və bir ingilislə ingilis kimi danışmağın özü də bir mədəniyyətdir, – deyə miss Hanna əlavə etdi. – Yenə razılaşa bilmirəm, – deyə etiraz etdim. – Mədəniyyəti verən lisan deyil, sağlam bilikdir. Əcnəbi məktəbləri sağlam bilik verə bilərsə, o məktəblərə tələbələri mövhumata, dinə, kilsəyə, missioner qanunlarına, müstəmləkə tələlərinə doğru sürükləməyərək, sağlam biliyi verə bilərsə, doğrudan da, mən miss Hannanın sözlərinə şərik olaraq deyərəm: «Amerika məktəbləri Şərqin mədəniyyət ocağıdır». Qoyun indi miss Hannanın özündən sual edək: – Miss bu dediklərimə etirazınız vardırmı? – Xeyr, yoxdur, – deyə miss Hanna cavab verdi. – Gələlim yenə də lisan vasitəsilə mədəni olmaq məsələsinə. Lisanın mədəniyyət üzərində təsiri çoxdur. Lakin bu o demək deyildir ki, mədəniyyət lisandan asılıdır. Bu fəlsəfə doğru olsa idi, iranlılar ən mədəni millət olmalı idi, halbuki əksinədir. Məsələn, lisanı, yazısı əlverişsiz olan yaponlar mədəni olmuş, lisanı zərif və tələffüzü yumşaq olan iranlılar isə mədəniyyətsiz və geridə qalmışdır. – Təklifiniz nədir? – deyə miss Hanna soruşdu. – İran bacarırsa, İranda açılan və müstəmləkə təbliğ edən bütün məktəbləri qapamalı, öz milli mədəniyyətini yaradan məktəblər açmalıdır. Şərqdə açılan əcnəbi məktəbləri millətləri beynəlmiləl birlik, beynəlmiləl ictimai tərbiyə ətrafına toplamaq məqsədilə açılsa idi, bunu hər kəsin təbrik etməsi lazım idi. Məktəblərdə yalnız müstəmləkəçi hökumətin rəsmi lisanı deyil, məhəlli dillərdə də dərs keçilməli idi. Müstəmləkəçi hökumət dinçi olduğu halda millətlərin daşıdığı dinləri təbliğ edən şəriət müəllimləri saxlasa idi, bunun o qədər də qorxusu yox idi. Çünki tələbə mədəni bilik aldıqdan sonra öz dilini, öz mövhumatını tədrici olaraq atmağa çalışacaq idi. Amerika, yaxud başqa əcnəbi məktəblərində belə deyildir. Bu məktəblərdə oxuyan tələbə mədəni biliyi din mədəniyyəti şəklində aldığından onda mövhumat ilə mübarizə edə biləcək mədəni duyğular doğulmur. – Miss Hanna icazə verirsə, – deyə Hacı Əli sözə qarışdı, – mən də yoldaşın fikrinə şərik olacağam. Dilbər xanım bu il Amerika məktəbini bitirir. Onu öyrənirəm, bütün hərəkətinə, rəftarına, onda doğan hislərə qədər nəzər yetirir və onun varlığını təyin etməyə çalışıram. Nəticədə belə bir qərara gəlirəm: qız təbrizli deyil, amerikalı deyil, türk deyil, ingilis də deyil. Qız müsəlman deyil, xaçpərəst də deyil. Hərgah Dilbər xanım bu saydıqlarımın birisindən ayrılıb tamamilə digər birisinə bağlanmış olsaydı, o, həyatında müəyyən yol götürər, o yolun vasitəsilə də öz gələcəyini qurardı. İndi isə o nə bizim, nə də bizimlə əlaqəsi olan ailələr içərisində özü üçün bir cəmiyyət düzəltməyi bacarmır. Bizim hər şeyimiz buna yabançıdır. Bu dediklərim bütün missioner məktəblərində oxuyan tələbələrdə mövcud olan bir xüsusiyyətdir. Məsələn, beləliləri Fransa müstəmləkəçiliyini təbliğ edən bir məktəbi bitirmişsə, o özünün köçüb Fransaya getməsini yox, Fransanın köçüb vətəninə gəlməsini sevər, çünki bunlar bir müstəmləkə təbliğatçısı sifəti ilə hazırlanmışlar. – Doğrudur, – dedim, – Amerika və sair müstəmləkəçilərin məktəblərində oxumağın zərərli olduğunu təbliğ edən ruhanilər məsələyə bu tərəfdən yanaşmış olsa idi, mən də onların tərəfində durardım, lakin onlar məktəblərdəki müstəmləkəçilik, missionerlik və sair cəhətləri tamamilə xəyallarına gətirməyərək, ancaq: qız məktəbə gedərsə, üzünü açacaqdır, bu da müsəlmanlığa zərərdir – deyərək qovğa qoparırlar. Halbuki əcnəbi məktəblərinin təqdir ediləcək bir cəhəti varsa, o da orada oxuyan türk qızlarının çarşabı atmasından ibarətdir. Hələ ruhanilərin fikrincə, əcnəbi məktəblərindən çıxanlar dinsiz çıxırmış. Bu da yanlış fikirdir. Hərgah məktəbə başqa bir dinlə girmişsə, məktəbdən çıxdığı zaman daha başqa bir dinlə dışarı çıxmağa məcburdur. Orada dinsizlik məsələsi doğru qoyulsaydı, biz yenə də əcnəbi məktəblərini təbrik edə bilərdik, çünki mədəniyyəti dinsizliklə əldə etmək daha asandır. – Əcəba, din mədəniyyətin düşmənidirmi? – deyə miss Hanna təəccüblə soruşdu. – Bəli, düşmənidir! – Nə üçün? – Çünki dini üsullar ilə mədəni üsullar bir yerdə yaşaya bilməz. – Fəlsəfəniz doğru fəlsəfə deyildir. Sizinlə bu barədə geniş mübahisə aparmaq lazım gələcəkdir. Dilbər xanım bizə müraciətlə: – Mübahisələri buradaca boşlayın, zənn edirəm ki, hacı babam da bu fikirdədir, – dedi. Onlar gözlərini mənim və miss Hannanın ağzına dikmişdi. Məşədi Kazım ağa da bizim miss Hanna ilə olan səmimi söhbətlərimizi birinci dəfə gördüyündən çox maraqlanırdı. Miss Hanna əlindəki çayı içə-içə mənə baxır və gülümsəyirdi, zənnimcə, o bizim Amerika müstəmləkəçiliyi haqqındakı tənqidimizin intiqamını almağa və din sahəsindəki mübahisəmizdə məni döymənə hazırlaşırdı. O, stəkanı yerə qoyaraq dedi: – Dinin mədəniyyət düşməni olduğu barəsindəki fikrinizi isbat edə biləcəksinizmi? – Bəli, isbat etməyə çalışacağam, fəqət bir şərtlə. – Hansı şərtlə? – deyə qız soruşdu. – Mübahisə ancaq bir həqiqət aramaq üzərində gedəcək, inadkarlığa, təəssübə yol verilməyəcək. – Elə də olmalıdır. Mən də bunu istəyirəm. Lakin mənim bircə şərtim vardır. – Buyurun görüm. Miss özünü düzəldərək, mavi gözlərini mənə çevirməklə tərs-tərs baxaraq dedi: – Hər bir məsələni o tərəf-bu tərəfə çəkməklə cavabında aciz qaldığınız əsas məsələni unutdurmağa və aralıqdan çıxarmağa tələsirsiniz. Mən bunu şəxsi məsələlərin müzakirəsində də təcrübədən keçirmişəm, bu barədə çox mahir, çox da ustasınız. İndiki müzakirəmizdə belə etməməlisiniz. – Siz bu şübhəni mənim hər bir məsələni ətraflı bir surətdə həll etmək istədiyim nəticəsində qazanmışsınız. İndi isə hazıram, mənim din haqqındakı düşüncəmə qarşı öz mülahizə, öz etirazınızı söyləyə bilərsiniz. Qız sözünü belə başladı: – Mən dindən danışdıqda yalnız mədəni dinlər üzərində duracağam. Din mədəniyyətin üzərində hakimdir, nə üçün? Çünki hər xalqın mədəniyyəti onun daşıdığı dinin məhsuludur. Odur ki, bir mədəniyyətin dərəcəsi, onu doğuran dinin mədəniyyət üçün müsaidəli olub-olmamağından asılıdır. Bütpərəstlikdən doğan əski Çin mədəniyyəti, ilanlara, heyvanlara, cürbəcür canlı və cansız şeylərə inanan gildani mədəniyyəti, assorilərin, misirlilərin mədəniyyəti, bu gün heç dərəcəsində qalan əski İran mədəniyyəti, vaxtilə Avropanı təsiri altına almağa başlayan ərəb mədəniyyəti – bunların hamısı dinlərdən doğulan bir mədəniyyətdir ki, bunların arasındakı fərqlər də dinlərin səviyyəcə biri digərindən fərqli olması ilə əlaqədardır. Bunu da xristian dünyasının İsa dinini daşımaqla yüksək bir mədəniyyət yaratması isbat etmiş oldu. İndi deyin görüm, bu dediyim həqiqətlər sizə bir qənaət qazandırdımı? Miss Hannanın bu sözlərindən Dilbər xanım məmnun qalmışdı, hətta miss Hannanı qucaqlayıb öpəcək qədər şadlanırdı. Dilbər xanım xristian dini əsasında qurulan tərbiyənin məhsullarını öz nazik və qırmızı dodaqlarında, şəvə kimi göz bəbəklərində, incə vücudunun titrəyişində də göstərirdi. Mən düşündüyümdən aralıqda bir az fasilə keçdi. Miss Hanna son sözlərini bir daha təkrar etdi: – Deyin görüm, bu həqiqətlər sizə bir qənaət qazandırdımı? – Xeyr, – deyə qəti cavab verdim. – Nə üçün? – Əvvəla, biz burada bir həqiqəti aydın edərkən dini təbliğat aparmamalıyıq. Çünki həyat özü də bundan yorulmuşdur. İkincisi də, sizə deməliyəm ki, xristian dünyasının mədəni hissəsi dinçi deyildir. Xristian dininin əsiri olanlar hamısı mədəniyyətsizdir, hətta dünyanın ən mədəniyyətsiz xalqlarından da geridə qalmışdır. Çünki mədəni hissəsi mədəni olmaq üçün də dini öz üzərindən atmış, onu bir istismar aləti olmaq üzrə aşağı təbəqələrə verməklə onun mədəniyyət və siyasi düşüncəsinə əngəl törətmişdir. Qız bir az sakit oldu, sanki yaxasını qurtarmaq üçün çıxış yolu arayırdı, lakin onun verdiyi cavab çox da sadə və avamcasına cavab deyildi. – Doğru deyirsiniz, – soyuqqanlılıqla cavab verdi. – Din insana mədəni oluncaya qədər lazımdır. Zatən din bunun üçün də yaradılmışdır. Dediyiniz aşağı təbəqənin özü də mədəni olduqca, mədəniyyətə yaxınlaşdıqca, dindən uzaqlaşacaqdır. Miss Hanna bu sözləri ilə mənim razı qalacağımı, qənaət hasil edəcəyimi düşünürdü. Lakin mənim verdiyim son cavab, onun bütün ümidlərini qırdı. – Əziz yoldaşım Hanna! Dinçi xristian dünyasının mədəni təbəqəsi, sizin təbirinizlə, mədəniləşmiş və bunun üçün də dini atmış təbəqələrin missionerlik üsulları, onların düzəltdikləri dini cəmiyyətlər, kilsəni və kilsə qanunlarını yaşatması, hətta mədəni təbəqənin, yəni bu sahədə sərf etdikləri paraların miqdarı bizə bir söz deyir, icazə versəniz, mən o sözü deyəcəyəm. Hamı birdən: – Buyurun! Buyurun! – dedi. – Siz dediyiniz mədəniləşmiş və dini atmış təbəqələr yalançıdır. Onlar aşağı təbəqənin mədəniləşməsinə, dini atmasına əsla imkan verməzlər, çünki aşağı təbəqə dinsizləşir və mədəniləşirsə, o zaman «mədənilərin» əmrinə boyun əyməz, fabrik-zavodlarda zəhmətini ucuz satmaz, istifadə və istismar qanunlarına tabe olmazlar. Bunun üçün də dinin damğasından, hətta köləlik damğasından ibarət olan xaç əbədi olaraq aşağı təbəqənin boynundan asılmalıdır. Miss Hanna dinmədi. Məclisi sükut bürüdü. Çox danışmışdıq, şam etmək lazımdı. Süfrə başında yenə də Dilbər xanım ilə miss Hanna ingiliscə, biz də türkcə danışırdıq. Gecə saat 12-də vidalaşıb çıxdıq. Dilbər xanımla miss Hanna da biri digərini tez-tez ziyarət etməyə sözləşdilər. Biz evdən çıxıb miss Hannanı evlərinə yola salaraq qayıtdıq. Məşədi Kazım amerikalı qızın kim olduğunu soruşduqda: – Sizə milyonları qazandıran bu qızdır! – dedim. * * * Şəbnaməyi nömrə duvvum Bu gün Təbrizin bütün küçələrində rus teleqraf agentliyinin xəbərləri vurulmuşdu. Bu da Təbriz həyatında birinci hadisələrdən idi, çar istilası zamanı və çar istilasından əvvəl belə-belə hadisələr olmamışdı. Rus konsulxanasının bizim çıxardığımız şəbnamələrlə mübarizə aparmaq tədbirləri bundan ibarət qaldı. O, yalan və uydurma teleqraf xəbərlərini çap etdirib divarlara yapışdırmaqla xalqın fikrini Məhəmmədəlinin lehinə çevirməyə çalışırdı. Teleqraf bu məzmunda idi: «25 Avqust, 1911-ci il. Rus teleqraf agentliyinin verdiyi xəbərlərə görə, şahın müzəffər orduları hər tərəfdən hücuma keçib Tehran üzərinə yürüməkdədir. Cəfərbay qəbiləsinin igid süvariləri «İmamzadə» üfüqlərində görünməyə başlamışdır. Talış, Mikayıllı, Hacıxocalı, Canxanımlı, Poladlı qəbilələri də tac-taxtı öz həqiqi sahibinə qaytarmağa and içib Tehran üzərinə yürüməkdədirlər». Farsca yazılmış bu xəbər Təbriz divarlarına vurulmaqdan başqa, rus tərəfdarları vasitəsilə qucaq-qucaq bazara çıxarılıb əhaliyə paylanırdı. Məscid qabaqlarında, meydançalarda, döngələrdə başqa söz eşitmək mümkün deyildi, hər kəs bu barədə danışırdı. Hacı Mirməhəmməd və Hacı Mirqurban, bunlarla bərabər bütün Rusiya himayəsində olanlar küçədə hər kəsi görürsə, bir nömrə «Novoye vremya» qəzeti göstərib deyirdi: – Ağa, bir al bax, cəddim rəsulillaha and içirəm ki, işlər qurtarıbdır. Bu qəzeti konsul cənablarının özü bəndəyə iltifat elədi və bəndələrinə xüsusi olaraq buyurdular ki, məsələ iki-üç günün məsələsidir. İşlər bitmişdir. Doğru məlumatı amerikalı qızdan və yaxud Ninadan ala bilərdim. Mənzilim miss Hannanın evinə daha yaxın idi: bir də o, evə çox tez gəlirdi. Oraya getdim. Oturub onu yarım saatdan artıq gözləməyə məcbur oldum. Qız qızarmış və nəşəli bir halda evə girdi. Şlyapasını çıxarıb bir tərəfə, əlcəklərini digər bir tərəfə tulladı. Paltosunu qulluqçu qadının başına atdı. Sonra da mənim əlimdən tutub eyvana çəkdi. – Nə olmuşdur ki? – deyə tələsik soruşdum. – Biz deyən olmuşdur, – deyə qız sevinərək cavab verdi. – Siz deyən? – Hə, Məhəmmədəli məğlub oldu. – Nə deyirsən, Hannam! Gözəl Hannam! – Məhəmmədəlinin qabaq dəstələri sərdar Ərşədin komandası ilə Tehran yolu üzərindəki İmamzadəyə hücum etmişdir. Onlar ilk dəfə məşrutə ordusu ilə üz-üzə gəlmişdir. Qanlı müharibələr olmuş, nəticədə məşrutə ordusu düşməndən 300 əsir tutmuşdur. Sərdar Ərşəd vuruşma meydanında 100 nəfər də ölü buraxıb qaçmağa məcbur olmuşdur. Qız bu sözləri deyərək: – Bu sözlərdən razı qaldınmı? – deyə əlavə etdi. – Doğrusu, həqiqətin hansı tərəfdə olduğunu təyin edə bilmədiyimdən heç bir söz deyə bilmərəm, – dedim. – Əzizim! Mən bu sözləri heç bir kəsə demərəm, səni bir namuslu iranlı olaraq tanıdığımdan qəlbimi və sirrimi açmağa cürət edirəm. Amerikalıların xoşuna gedən şey hazırda iranlıların mənfəətidir. Amerika hökuməti daim İranın istiqlaliyyəti tərəfdarıdır. İndi de görüm, bu gün biz naharı bir yerdə yeyəcəyikmi? – Gözəl Hanna ilə nahar yeməyi kim istəməz? – İndi bəs nə üçün gəlmişdin? – Bunu özün daha yaxşı bilirsən. – Mən bu sözün həqiqət olduğunu bilsəydim, səni rahətsiz etməz, məsləhətlərini dinlər və gələcəyə əmin olardım. – Bu bir həqiqətdir. Sənin qəlbindəki arzulara and içirəm. Çünki o arzular mənim üçün də müqəddəsdir. Vidalaşıb çıxdım. Rus düşməni olan amerikalıların bir çox sözlərinə inanmaq mümkün olmadığından, rus konsulxanasından da xəbər bilmək lazım idi. Mən evə girərkən Nina yenicə gəlmiş və ev paltarında olaraq çalışmaq istəyirdi. O məni görərkən, adəti üzrə içəri otağa girib paltarını dəyişmək istədisə də, mən mane oldum. – Nina, gəl otur, narahat olma! – deyə divanın üstündə oturmasını rica etdim. Oturdu. Məcidi də qolları arasına alıb saçlarını, yaxalığını düzəltməyə başladı. – İki mühüm xəbər vardır, – deyə Nina sözə başladı. – Nə xəbər? – Bu gün Tehrandan konsulun bütün ümidlərini qıracaq bir xəbər gəlmişdir. İmamzadə yanında gedən müharibədə sərdar Ərşədin komandası altındakı qoşun məğlub olmuş, 100 ölü, 300 əsir verərək qaçmağa məcbur olmuşdur. Tehrandan verilən təlimata görə, yerli mətbuata təsir yetirmək və Məhəmmədəlinin məğlubiyyəti haqqındakı xəbərləri gizlətmək lazımdır. Bu, birinci xəbər. İkinci xəbər də odur ki, sərdar Rəşidin evinə qonaq dəvət edilmişik. Artıq onlar evlənmişlər. Bu xəbərlərdən razısanmı? – Birinci xəbərdən razı, ikincidən isə razı deyiləm, çünki bizim o cəmiyyətdə olmağımızın zərəri faydasından artıqdır. – Səhv edirsən. Sərdar Rəşid rus konsulunun yaxın adamıdır. Çarın böyük vasitələrindəndir. Konsulun bu izdivaca təntənə verməsi də bu məqsədlədir. Yoxsa İraida bu izdivaca razı olmazdı. Onun bədbəxtliyinə çarın müstəmləkə siyasəti də səbəb olmuşdur. Məncə, bir hadisə zühurunda sənin sərdar Rəşidlə tanış olmağın böyük bir rol oynaya bilər, xüsusən bizim bu dəvətə əhəmiyyət verməməyimiz İraidanın şübhəsini də qazana bilər, bizdən inciyər, çünki bizdən başqa bir kəsi yoxdur. – Doğrudur, lakin İraida sözümə qulaq asmadığı üçün inciməyə haqlı deyildir, – deyə qəti cavab verdim. – Mən sərdar Rəşidin bir gələcəyə malik olmayacağını bilirəm, bunu mən ona açıqdan-açığa deyə bilməsəm də, fikrimi ona anlatdım, onun özü də sərdar Rəşidə satılmayacağını sözarası mənə dedi və məni inandırdı, lakin yalançı çıxdı. – İş belə olmuşdur, – deyə qız məni inandırmağa başladı. – Sərdar Rəşidin arvadı özünü yaxşı aparmırdı. Sərdar da onu buraxmağa, İraidaya evlənməyə tələsirdi. İraida ailənin dağılmağına razı olmurdu. Məsələ çoxdan bəri bu şəkildə qalmışdı. Bu günlərdə arvadın qardaşları gəlmiş və onu həmişəlik olaraq alıb Ərdəbilə aparmışlar. Bir tərəfdən bu, digər tərəfdən də konsulun təşviqi nəticəsində İraida bu izdivaca razı olmuşdur. Ziyafət bizim üçün maraqsız olmaz. Hər cür olursa-olsun, biz bu ziyafətə getməliyik. – Gedərik, etiraz etmirəm, ancaq onu bil ki, bu gecə şəbnaməni buraxmalıyıq. Çünki rus konsulunun buraxdığı gündüz teleqramları təbrizlilərin çox hissəsini Məhəmmədəlinin qalib gələcəyinə inandırmışdır. Bu gecə dərnək üzvlərinin səfərbər edilməsi lazımdır. Həsənağa bu gün sənin yanına gələcəkdir. Ona tapşırarsan, üzvlərə xəbər verər, özü də mənim yanıma gəlməlidir. İndi Rus–İran məktəbinə gedirəm. Ninanın saçlarından, Məcidin isə üzündən öpərək vidalaşdım. Rus–İran məktəbinə gedərkən Məcidülmülk mağazalarının qabağında məktəb müəllimi Əkbər Əkbərov yoldaşa rast gəldim, bütün eşitdiklərimi ona xəbər verərək, bu gecə şəbnamənin çıxarılacağını da söylədim. – Nə vaxt görüşəcəyik? – deyə soruşdu. – Axşam saat 10-da məni gözlərsən. Mündərəcəsini gətirəcəyəm. Sən kağızları əvvəlki ölçüdə hazır etdirərsən. Yenə də şagirdləri səfərbərliyə almalısan. Mən başqalarına da sifariş göndərmişəm, səhər tezdən şəbnamələr divarlarda olmalıdır. Əkbər Əkbərov yoldaşdan ayrılıb Məşədi Kazım ağanın hücrəsinə getdim. Tacirlər yenə onun ətrafında fırlanır, yenə də mal almaq istəyənlər tacir dilini işə salmışdılar. Mən onun qulağına Məhəmmədəlinin İmamzadə yanında əzildiyini xəbər verərək, mallardan bir hissəsinin satılmasını məsləhət gördüm, çünki hələ müharibə tamamilə bitməmişdi. – İndi bizim təklifimiz nədir? – deyə Məşədi Kazım ağa sordu. – Yeni mallardan bir qismini sat, hamısını yox. Bir də bu gecə şəbnaməni çap etməliyik. Saat səkkizdə iclas çağırmalısan. İclasın yerini axşam evdə mənə deyərsən. – Nahara gəlməyəcəksənmi? – Xeyr, getməli yerim var, – deyə oradan çıxdım və miss Hannanın evinə yollandım. * * * Çar casusları əvvəlki yerləri gecə-gündüz nəzarət altına aldıqlarından bu gün şəbnamənin ikinci nömrəsi tamamilə başqa yerlərdə yapışdırılmışdı. Şəbnamənin bu nömrəsi təbrizlilərdə böyük bir ruh yüksəkliyi oyandırmışdı. Aylardan bəri lal olan dillər açılmış və sönməyə başlayan inqilab duyğuları cuşa gəlmişdi. Küçədəki çəkməsilənlər, şey satanlar, hətta hamballar belə, inqilabın qalib günlərində olduğu kimi, istibdadı təhqiredici sözlər danışır və şeirlər oxuyurdular: «Məmdəli qaçdı qoyma! Bəndini açdı qoyma!» Şəbnamələr divardan qoparılmamışdı. Mən Mirzə İsmayıl karvansarasının qabağından keçərkən camaatın bir yerə toplandığını, bir nəfərin şəbnaməni ucadan oxuduğunu və ağa Məhəmmədəli Qarabağlının xalça üstündə əyləşib qəlyan çəkə-çəkə şəbnaməni dinlədiyini gördüm. «Təbriz camaatı! Həqiqət heç vaxt məğlub olmaz! Azadlıq fikri boğulmaz! Şəbnamənin birinci nömrəsində sabiq şah Məhəmmədəlinin ingilis-rus dövlətlərinin vasitəsilə İrana gəldiyini yazmışdıq. Heç şübhə yoxdur ki, o xəbərdən inqilabçı Təbriz xalqı həyəcana düşmüşdü. Daxili mətbuat istilaçı çar hökumətinin təzyiqi nəticəsində olaraq həqiqəti gizlədir. Odur ki, Məhəmmədəlinin hərəkətinə dair aldığımız xəbərləri bu nömrəmizdə Təbriz camaatına bildiririk. Tehrandan alınan mötəbər xəbərlərə görə, sentyabr ayının beşində, Məhəmmədəlinin qoşunları, sərdar Ərşədin komandası altında olaraq İmamzadə yanında məşrutə ordusu ilə üz-üzə gəlmişdir. Məşrutəçilər sərdar Ərşədin qoşunundan 3 yüz əsir götürmüş, yüz nəfər də öldürmüşlər. Məhəmmədəlinin ordusu qaçmaqdadır. Məşrutə ordusuna gündən-günə təzə qüvvələr qoşulur, inqilabçı qəbilələr məşrutə ordusuna qoşulur. Gələcək xəbərləri üçüncü nömrədə xəbər verəcəyiz». Mən kənarda durub baxırdım. Birdən «kökəmir» seyidləri əllərində ağac bazara töküldülər və divarlara vurulan şəbnamələri qoparmağa başladılar. Mirzə İsmayıl karvansarasının ağzına yetişdikdə, karvansarının qapısına yapışdırılan şəbnaməni qoparmaq istədilərsə də, Ağa Məhəmmədəli Qarabağlını görüb cürət etmədilər. Mən oradan keçib Rasta bazar ilə Gəcil qəbiristanı və Acıdan qapısı tərəflərinə gedib vəziyyətdən xəbər tutmaq istəyirdim. Məşədi Kazım ağaya rast gəldim. O məni görüb gülümsündü. – Ustadına mərhəba! – dedi. – Nə olmuşdur? – deyə soruşdum. – Bu tədbirin xoşuma gəldi. – Hansı tədbir? – Nəzmiyyələr şəbnamələrin Amerika konsulxanasında düzəldiyinə dair vəsiqələr tapmışlar. Gecə saat ikidə bir nəfər qaçıb Amerika konsulxanasına girmiş, dalındakı torbanı salmışdır. Torbanın içində şəbnamə və şəbnamə kağızları varmış. Torbanın yazıları da bunu isbat edir. – Ola bilər, amerikalılar ilə rusların rəqabəti də bunu inandıra bilər. – Görək nəticəsi nə olacaqdır, – deyə yolumuza davam etdik. Şəhərin hər tərəfində həyəcan hiss olunurdu. Bu gün çar ordusunun kiçik dəstələri də şəhərə çıxarılmışdı. Bütün nəzmiyyə ayaq üstündə idi, Amerika konsulxanasının qapısındakı qarovulun sayı artırılmışdı. Bu tərəflərdə çar kazak gözətçiləri də var idi. Nina bütün qiymətli şeylərini üstünə taxmışdı. Mən inqilabçı qızın bu hərəkətinə təəccüb etməyə bilməzdim, lakin narazılıq törətməmək üçün etiraz etmədim. Sərdar Rəşidin qapısına yetişdikdə, Nina: – Dışarısı bir şey deyil, görək içərisi necədir? – dedi. Mən qızın bacısına qarşı bir rəqabət hissi bəslədiyini duyaraq öz-özümə: «Əcəba, bizim bütün inqilabçı qız və qadınlarımız bu fikirdədirmi? Əcəba, Nina kimi gənc və təmiz ruhlu bir qıza, hətta inqilabçı bir qıza bu xasiyyət yaraşarmı? Bəlkə, bu qızların hamısına aid bir xüsusiyyətdir?» – düşündüm. Daşdan qayırılmış, alçaq və yumurta şəklində olan qapının yanındakı baqqaldan qapı sahibini soruşdum. Baqqal bir mənə, bir də cavahirlər içində parlayan Ninaya baxıb dedi: – Bu ev badamçıların evidir. Torpağı sanında... – İndi burada kim yaşayır? – deyə baqqalın sözünü kəsdim. – İndi burada Ərdəbildən gələn bir nəfər əyan mənzil edibdir, özü də gözəl bir urus qızına evlənibdir. Amma qız da yaman qız deyil... Qapıya yanaşıb çax-çaxını vurdum. Qapını İraidanın qədim qulluqçusu, alman qızı Matilda açdı və qayıdıb evə xəbər verdi. İraida, sərdar Rəşid və başqaları bizi qarşıladılar. Biz küçə dəhlizindən həyətə girdikdə qəssablar iki qoyunu yıxıb ayağımızın altında qurban kəsmək istədilər. Nina: – Qoyun biz keçib-gedək sonra kəsin, – deyə qəssabları dayandırdı. Sərdar Rəşid mənim, İraida isə Ninanın qolundan tutub, bizi bağçanın xiyabanları ilə keçirib eyvana çıxardılar. – Mərhəmət buyurubsunuz. Həqiqətdə sizin təşrifiniz bizi məsud buyurdu. Bu gün mənim həyatımda ilk şadlıq günüdür, – deyə sərdar Rəşid bizi belə yağlı sözlərlə müşayiət etdi. İraida Ninaya nə isə deyirdi. Nina bu sözlərin heç birisini eşitmirdi, o özünü İraida ilə müqayisə etmək, ona üstün gəlmək fikrində olduğundan hər şeyi unutmuşdu. Biz otaqları, bağçanı, eyvanı gəzib, gözdən keçirdik. Nina rəqabətdə qalib gəlmişdi. Çünki Ninanın evləri sərdar Rəşidin evlərinə nisbətən hər cəhətcə zəngin idi. Çay salonunda bir yenilik yox idi, oradakı yenilik xırdaca çar bayraqlarının arasındakı çərçivədə qoyulan II Nikolayın təsviri idi. Mən sərdar Rəşidlə xüsusi bir masanın başında oturmuşdum. İraida Ninanın bağışladığı pudraqabını göstərərək: – Sərdar, bunu Ninanın yoldaşı mənim üçün almışdır, – dedi. Sərdar Rəşid mənə müraciətlə: – Mərhəmətinizdən olduqca məmnunam. Ailə haqqındakı iltifatınız gələcək qohumluğumuzun möhkəmlənməsini təmin edir, – dedi və İraidanın üzünə baxaraq, nəyə isə işarə etdi. İraida qalxıb o biri otağa getdi. Nina isə gəlib bizim yanımızda oturdu. İraida bir azdan sonra əlində iki kiçik qutu içəri girdi. Yaşıl məxmərdən qayrılmış qutuların birisindən bir cüt nəfis qolbaq, digərindən isə nazik və olduqca gözəl bir saat çıxardı. – Sərdar bunları sizin üçün almışdır, – deyə qolbaqları Ninanın qoluna keçirdi, saatı da mənim frençimin cibinə qoydu. – Sərdarın zəhmətinə razı deyildik. Sərdar tərəfindən verildiyi üçün bu hədiyyələr tarixi və mühüm bir qiymətə malikdir, – dedim. Lampalar yanmışdı. Təbrizdə elektrik işığı olsa da, sərdar Rəşidin evində yox idi, elektrik işığını əvəz edəcək onlarca fransız və ingilis lampaları yanırdı. Böyük avizələrdə yanan şamların işığı ilə sərdar Rəşidin evi gündüz kimi işıqlanmışdı. Mahru xanım evdə deyildi, o öz sevgilisi Smirnovla birlikdə gələcəkdi. Sərdar Rəşid Mahrunun Smirnovla əlaqəsinə işarə edərək: – Ağa, biz şərqliyik, – dedi, – bir məsələni necə başlayıb və harada bitirməyi başqa millətlərdən daha tez anlaya bilərik. Mən bunu İraida xanıma da demişəm. Bizim həyatımız ruslarla əlaqədardır. Bizim səadətli və bəxtiyar gələcəyimizi, tərbiyə və mədəniyyətimizi ancaq rus tərbiyəsi və rus mədəniyyəti verə biləcəkdir. Bizim milli istiqlaliyyətimiz də rus dövləti bəhiyyəsinin əzəmətindən asılıdır, biz bunların əlində olsaq, daha yaxşı irəli gedərik. Bunu anlayan yoxdur, olan olsa da, çox azdır. Mən bilirəm ki, bunlara qarışmaq, qız verib qız almaq, həyatı bir yerə qarışdırmıq lazımdır. Mən öz bacım Mahrunu da Smirnova bu məqsədlə verirəm, xanım İraida ilə də bu məqsədlə izdivac etmişəm. Mən öz əqidəmin, öz məsləyimin gözəl nəticəsini gördüm, xudavəndi təbarək təali mənə gözəl və nəcib bir qız da qismət elədi. Siz özünüz də rus tərbiyəsi almış bir zatsınız. İraida xanım sizin tərbiyəli, mədəni bir zat olduğunuz haqqında mənə azı yüz dəfə söhbət etmişdir. O öz bacısının xoşbəxt olduğu haqqında danışır, sevinir, özünüz də cavan və zənginsiniz. Sizdən üzr istəyərək, arz edirəm: şəriət nəbəvini əldən buraxmayan, dinimiz, şəriətimiz də əhli-kitabdan qız almağa icazə verir. İndi ki, belədir, siz də gərək məsələni örtülü qoymuyasınız, siz də gərək işi şəriət yolu ilə düzəldəsiniz. Bir siğə oxutmağa nə var? Bəlkə də, qız gələcəkdə dini-mübini-məhəmmədini də qəbul edər, bunun səvabı isə bizim yetmiş iki arxamıza da kifayətdir. Mən bu gün sizi bura dəvət edərkən öz məqsədimi bildirmək və bu işi sizə də məsləhət görməyi düşünmüşəm. Nökərlərinə nə isə tapşırmaq üçün eyvana çıxdı. Mən onun bu tövsiyələrinə nə yolla cavab verəcəyimi düşünürdüm ki, birdən qapı açıldı, Mahru və onun sevgilisi Smirnov içəri girdi. Mahru xanım çarşabda idi, eşitdiyimizə görə, o, küçədə çarşabda, evdə isə şlyapada gəzirmiş. Mahru xanım içəri otağa girib çıxıncaya qədər, bu məğrur çar zabiti salonun bir tərəfində durub heç bir kəslə tanış olmadı. Mahru xanım çıxandan sonra Smirnovu əvvəlcə Nina, sonra da mənimlə tanış elədi. Mahru xanım Ninanı Smirnovla tanış elədikdə: – Bu bizim gəlinin bacısı Nina xanımdır, – dedi. Məni tanış etdikdə isə: – Bu isə, bizim gəlinin gələcək yeznəsi Əbülhəsən bəydir, haqqında sizə danışdığım zatdır, – dedi. Smirnov bir az düşündü. İranlı olduğuma inansa da, kübar familiyadan olduğuma şübhə edirdi, buna görə də birinci tanışlığımız belə başladı: – Siz əsilzadəmisiniz? – Bəli, əsilzadəyəm. Bəyəm. – Çox gözəl, çox da güvara! Tanış, hətta yaxın qohum olacağımız üçün özümü xoşbəxt hesab edirəm. Bu adam mənə olduqca tanış gəlirdi. Harada isə bu zabiti görmüşdüm. Salon çox işıq idi, üç nəfər gənc və gözəl qız ən qiymətli daşlarla bəzəndikləri halda biri digərinə yaxın oturmuşdu. Onlar əllərindəki kiçik çay stəkanlarını dodaqlarına aparərkən barmaqlarındakı brilyantlar lampalardan işıq aldığı üçün insanın gözünü qamaşdırırdı. Qonaqlar və ev sahibi nə qədər danışıb gülsə də, yenə gözlərini Ninanın qolundakı nəfis saatdan götürə bilmirdi. Sərdar Rəşid İraida ilə Smirnovun arasında oturmuşdu. Onlar rusca, Mahru, Nina, mən isə türkcə danışırdıq. Sərdar Rəşid rusca çox kobud və savadsız danışırdı, heç şübhə yoxdur ki, nə İraida, nə də Smirnov onun dediklərini anlamırdı. Mən onun danışığı ilə çox maraqlanırdım. Ancaq onu bilirdim ki, o, Avropaya səyahəti haqqında söhbət edir; rus sözlərinin quruluşunu, şeylərin və şəhərlərin adını tamamilə təhrif edib başqa cür deyirdi. Məsələn: şəlipa dedikdə mən onun şlyapa demək istədiyini bilirdim. O, tez-tez vinovat demək istədikdə, vənavət deyib Smirnovu güldürürdü. London əvəzinə Ləndən, professor yerinə profisger, doktor yerinə dəktor, bilirəm yerinə bilirsən, yeyəcəyəm yerinə yeyəcəksən, əfv edin yerinə rəca edin deyərək, İraidanı və Smirnovu gülümsəməyə məcbur edirdi. Sərdar Rəşid danışdıqca dönüb həyətə baxırdı, deyəsən, yenə də gözləyəcəyi qonaqları var idi. Mən darıxırdım, bir yerdə otura bilmirdim, durub salonda dolaşmaq istədim, polkovnik Smirnov da sərdar Rəşidin söhbətindən doyub ayağa qalxdı, mənə qoşuldu, söhbət etməyə başladıq. – Doğrudan da, Şərqiniz əsrarəngiz Şərqdir, gözəl Şərqdir. Mən şairlərin, yazıçıların cənnət deyə yazdığı bir çox ölkələri gəzmişəm, lakin yazılarda, şeirlərdə tərif edilən cənnətlə həyatda gördüyüm cənnət arasında bir münasibət olmadığını təyin etmişəm. Bəzən yazıçılar kiçik bir hissiyyata qapılaraq, dünyanın nifrət etdiyi bir ölkəni cənnət yapmağı bacarmışlar. Lakin Şərq haqqındakı yazıların, şeirlərin tamamilə əksinə yazıldığını bir daha Təbrizdə təcrübədən keçirdim. Bura cənnətdən artıq sevgilər, məhəbbətlər ölkəsidir, yazıçılar isə buranı başqa şəkildə göstərmişdir. Mən çox yerlər gəzmişəm, Almaniya səfarətində attaşe müavini, isveçdə attaşelik vəzifəsini daşımışam. Peterburqda əlahəzrət imperatorun xasə alayında komandanlıq vəzifəsində bulunmuşam. Peterburqun bütün kübar ailələrinə yolum olmuşdur. Lakin Təbrizdə gördüyümü heç bir yerdə görməmişəm. Təbrizdə sevdiyimi də heç bir ölkədə, hətta bütün ömrümdə sevə bilməmişəm. Polkovnik bu sözləri deyib, düşünməyə başladı. Mən onu danışdırmaq və Mahru xanımla nə vasitə ilə tanış olduğunu öyrənmək istədiyimdən: – Sevmişsiniz? – deyə soruşdum. – Mən ömrümdə sevməmişdim, lakin sevilmişdim. Gözəl gənc idim, məni sevənləri təhqir edər və gülərdim, bu uyğunsuz hərəkətlərimə 18 yaşımdan başlamışdım. Mənə öz eşqini elan edənləri, ağlayanları yamsılardım. Peterburqda bir qızı, hətta birinci gözəl sayılan qızı bir həftədən artıq sevməz və görüşməzdim, çünki artıq başqa bir qızın məhəbbəti ilə məşğul olardım. Mən qadın və qız fikrini müvəqqəti bir fikir sayar, nədənsə onları özümdən uzaqlaşdırmağa çalışardım. Odur ki, atamın-anamın təkidinə baxmayaraq, yaşım otuz beşə varıncaya qədər evlənmədim. Mənim düşüncələrim boşa çıxdı, nəticədə mən sevdim, hətta başqalarının sevə bilmədiyi bir şiddətlə sevdim. Sanki mənim taleyim İran inqilabı kitabında yazılmışdı, sanki keçirdiyim həyat və yaşadığım mühit bir ilan olub arxama düşmüşdü, mən onun əlindən qurtarmaq üçün Şərqə qaçmalı idim. Mən Şərqə gedərkən bir canavarın qoynuna girdiyimi hiss edirdim. Lakin iş tamamilə bunun əksinə idi, gözəl Şərqin qoynuna bir canavar kimi girirdim. Mən də başqa silah arkadaşlarım kimi Şərqi əzməyə, didməyə girirdim, belə də əmr olunmuşdu: «vəhşilər mərhəmət sevməz, onlara kötək lazımdır», – deyə bizə əmr verilmişdi. Biz Şərqdə canavarlığın son dərəcəsinə qədər varıb çıxdıq: mən yoldaşların etdiyi həyasızlıqları arxada buraxıb daha artıq fənalıqlar yapdım, hətta bir köpəyin xatirinə qoca bir şərqlinin başını da dağıtdım. Polkovnik bunu deyərkən əti çimçəşdi, vücudu titrədi. Mən indi Smirnovu tanıdım. Mərənddə qatığı qabı ilə baqqalın başına vuran bu idi. – Əfv edərsiniz, – dedim. – Sevimli köpəyiniz qalırmı? – Xeyr, daha o köpək yoxdur, – deyə, o mənim üzümə baxdı və köpəyini haradan tanıdığımı soruşdu. Mən Təbrizə gəlirkən şahid olduğum səhnəni ona nəql etdim. – O köpək daha yoxdur. Sevgilim köpək sevmədiyi üçün vurub öldürdüm, – deyə polkovnik əlimi sıxdı. – Siz bir şərqli olduğunuz üçün məni əfv ediniz. Artıq mən Şərqin düşməni deyil, dostuyam! Mənim burada sevmədiyim heç bir şey yoxdur, çünki mənim sevgilim şərqlidir. Hər kəsə baxarsam, onun gözünü, onun çöhrəsini, onun varlığını görürəm, eşitdiklərim də onun səsini xatırladır. Mənçə, sevgilim də bu xüsusiyyəti daşıyır, çünki o da məni sevir. – Siz Mahru xanım ilə tanış olarkən çoxmu əziyyət çəkdiniz? – Xeyr, çox asan bir surətdə tanış olduq. Mən sərdarın yaxın tanışlarındanam, bu tanışlıq vəzifəmlə də əlaqədardı, biz cənab konsulun evində tanış olmuşuq. Biz öz silah arkadaşlarımızla, hətta onların qadınları ilə birlikdə sərdarın verdiyi ziyafətlərdə iştirak etmişik. Mən Mahrunu bir neçə kərə uzaqdan görmüşdüm, onun mənə görünmək istədiyini hiss edirdim. Günlərin birində bizim kiçik zabitlərdən Semyonovun ad günü idi, onun ziyafətində idik. Arvadı Olqa söz arasında: – Siz indi şərqlisiniz. Çünki Şərqin gözəl bir qızı sizi sevmişdir, – dedi. Mən çox təəccüb etdim və – o gözəl qız kimdir? – deyə soruşdum. – O qız sərdar Rəşidin bacısı Mahru xanımdır, – dedi. Bu sözdən mən həyəcana düşərək: – Rica edirəm, bunu bir yerdə söyləməyin, sərdar Rəşidin qulağına yetişərsə, tanışlığımıza toxunar, onun məhəbbətini itirərəm, – deyə yalvardım. Sonralar rəsm-keçidlərdə, məşqlərdə, Şahzadə bağının ətrafına toplanan Təbriz qadınlarının içərisində uzunboylu bir qız görürdüm. Nədənsə, bu qız bütün qadınlardan seçilirdi. Onu tez-tez, hətta tək halda da görürdüm. Qız sanki mənim Şahzadə bağından çıxdığım vaxtı bilirmiş, çünki həmişə qızı öz yolumun kənarında görürdüm. Mən konsulxanaya, yaxud general yaşadığı yerə gedərkən qız da mənim kölgəm kimi gah dalımca, gah da yanımca gəlirdi. Doğrusu, mən bu qızdan şübhələnirdim – bura Şərqdir, sirlərin, tilsimlərin, caduların, hiylələrin Şərqidir, deyirdim, bu qız kimdir? Bəlkə də, bu qızı çar siyasəti ilə rəqabət aparan ikinci bir dövlət öyrədib göndərmişdir? Bəlkə də, bununla dinçi Şərqdə ruslara qarşı namus və din üsyanı düzəltmək istəyirlər, – düşünürdüm ki, bu düşüncə də məni əzir və yorurdu. Düşüncə getdikcə artırdı, çünki qız çox tez-tez gözümə dəyirdi. Bu barədə heç kəsə bir söz deyə bilmirdim, qızı o tərəflərdən rədd etmək üçün heç bir vasitə tapa bilmirdim. Mən o qızı təzə ipək çarşabda görürkən qara bir kabusu görən kimi titrəyir və əqlimi şaşırırdım. O qızı uzaqdan görürkən addımlarımın sürətini artırır, ondan uzaqlaşmaq istəyirdim. Lakin qız da sürətini artırır və məni gözdən buraxmırdı. Mən dəli olmaq dərəcəsinə gəlirdim, çünki bu vəziyyət çox uzun çəkmişdi. Günlərin birində konsulxanada çağırılmış iclas çox uzun çəkdi. Mən sevinirdim, bəlkə də, qaranlıq olduğu üçün qadına «təsadüf etməyəcəyəm» – düşünürdüm. Çünki bunun əlindən qurtara biləcək bir vasitə tapa bilmirdim, hətta mən bir gün öz soldatlarım vasitəsilə qadını oğurlayıb məhv etdirmək və beləliklə də, xilas olmaq yolunu düşünürdüm. Başqa çarə yox idi, bu iş bu gün də olmasa, yarın həyata keçəcək idi. Konsulxanadan çıxdım. Heç kəsi görmədim. Şahzadə bağına qədər təsadüf etdiyim qadınların içərisində onu görməyərək sevindim. Lakin bağa yetişərkən dar bir döngədə durub məni gözlədiyini gördüm. Quruyub qaldım, nə geriyə dönmək, nə də irəli getməyi bacarmadım, onun qarşısından keçməyə məcbur idim. Geriyə dönə bilməzdim, alaydakı vəzifəmin vaxtı yaxın idi. O mənə anlamadığım bəzi sözləri deyirdi. Onun səsində də bir cadu və əfsun hiss edərək şaşırmışdım. Küçə qaranlıqlaşırdı. Azançı minarədə son sözlərini deyib bitirmək üzrə idi, cənnətə bənzəyən Şərq evləri də xam kərpicdən qayırılmış palçıq divarların çirkin qoynuna girib uyumaq istəyirdi. Şərqin dar və keçilməz küçəsində idim, qarşımdakı qaraltı axşam qaranlığına qarışaraq böyüməkdə idi. Fənər yox, lampa yox, işıq namınə bir şey varsa, o da uzaqdan görünən Şahzadə bağının fənəri idi. Mənim taleyimə gülən axşam ulduzları, bir də çarşabın altından parıldayan iki məchul və füsunkar gözdən ibarət idi. Qara çarşablı qadın yenə də bəzi sözlər deyərək, mənə yaxınlaşmağa başlarkən mən qışqıraraq qılıncımı çəkdim, onu vurmaq istədikdə onun çarşabı üzündə tutan əlləri dəhşətindən yanlarına düşdüyü üçün üzü açıldı, mən ömrümdə görmədiyim bir çöhrə gördüm. Onun iki qılınca bənzəyən qaşlarını görürkən öz qılıncımı yerinə necə taxdığımı da bilmədim. Bütün həyatımda gördüyüm gözəlləri bir anda xatırladım, lakin onlar buna, bu da onlara oxşamırdı. Onlara qarşı nifrətim, qarşımda duran əsrarəngiz qıza isə məhəbbətim artırdı. Mən indi kitablarda oxuduğum Şərq gözəlini, hərəmləri bəzəyən bu canlı zinətləri həyatda görür və ona inanırdım. Qız bir neçə söz daha dedi, məndən bir cavab almadığından qaranlığın qoynuna girərək gözümdən uzaqlaşmağa, hətta məğrur addımlarla getməyə başladı. Mən uzun bir müddət o qızı görmədim. Görünüşündən qorxduğum bu qızı bir daha görmək üçün çox gəzdim, hətta ümidim gəlməyən, Təbrizdə olduğum müddətdə gəzmədiyim küçələri də gəzib qızı axtardım, görə bilmədim. Mən onu sevməyə başlayırdım, bu duyğum get-gedə artırdı, onun çöhrəsini təxmini olsa da, xatırlayırdım, alovlu gözlərini unuda bilmirdim. Uzun bir müddət keçdi. Novruz bayramı idi, arkadaşlarımızla sərdar Rəşidin görüşünə gəldik. Paltolarımızı haman bu eyvanda asmışdıq. Gedərkən paltolarımızı geydikdə mən cibimdə bir məktub gördüm, küçədə onu açdım, məktub rusca olmadığından oxuya bilmədim. Bağa gəldikdə alayın podratçısını çağırıb məktubu oxutdum. Məktubda belə yazılmışdı: «Şərq qadınları kişilərdən qaçırsa, Qərb kişiləri qadınlardan qaçırlar. Mən sizi aylardan bəri axtarıb bir söz demək istədim, siz isə məni öldürmək istədiniz. Sevgiyə qarşı qılıncla müqabilə etdiniz. Mən sizi sevirəm. Buna müsbət cavab vermək istəsəniz, qardaşım sərdar Rəşid ilə danışmalısınız. Bizim dilimizi öyrənməyə çalışın. Yenə də sizi Şahzadə bağı ətrafında gözləyəcəm». Mən axşam yenə qıza rast gəldim. Bu gün o, üzünü açmışdı, lakin üzümə baxmağa utanırdı. Qorxusundanmı, utandığındanmı tərləmişdi, vücudu titrəyirdi. Lakin bir-birimizlə danışdıq, nə danışdığımızı anlamadıq, anladığımız bir şey varsa, o da mütəqabil sevgi varlığından ibarət idi. Ayrıldıqda o heç də qorxmadan əlini mənə uzatdı. Mən tərəddüd edirdim, qorxurdum. Onun əlini tutub sıxmaq, vidalaşmaq istərkən o, əlini dodaqlarıma doğru qaldırdı, əlini öpdüm, o da mən öpdüyüm yeri öpərək ayrıldı. Bir neçə kərə də görüşdük, mənim yaşadığım evə də gəlmişdi. Ancaq daima bircə sözü təkrar edirdi. – Nə deyirdi? – deyə mən polkovnikdən soruşdum. – Bütün tanışlığı zamanı bir kərə əlini öpmüşəm. Ondan sonra nə qədər görüşmüş, mənzilimə gəlmişsə də, əlimi əlinə almamış və sevən bir qız kimi məni yaxınına buraxmamışdı. Bircə şərti var: «Mənim sevdiyim bizim dinimizdə, adətimizdə olmalıdır». – Sizin öz fikriniz nədir? – deyə soruşdum. – Mən çox düşündüm, bundan boyun qaçırmaq istədim. Lakin yenə də qızı görərkən onun təkliflərini qəbul etməyə qərar verdim, mübarizə apara bilmədim. İndi mən xristian dinini buraxmalıyam, bu da mənim familiyamın bütün Rusiyada bədbəxtliyinə yol açır. çar qanununca dini atan hökumət tərəfindən də təqib edilər. Bu surətdə karyeram da məhv olur, böyük zəhmətlərdən sonra alay komandanı vəzifəsini ala bilmişəm. Hazırda general-leytenant namizədiyəm. Bunların hamısını itirmək mümkündür. Lakin Mahrunun sevgisi bütün bunlara qalib gəlir. Qızı hər gün görür və hər gün də təklifinə razı olduğumu söyləyirəm. Məsələni sərdar Rəşidə də açdıq. O da həmin sözləri dedi. İndisə işimiz gəlib bura çatmışdır. Bu gün məsələ bitir, sən də şərqlisən. Bir Şərq qızı üçün bütün varlığını fəda etməkdə olan polkovnikin bu dastanını gizlində saxlamalısan. İki həftə məzuniyyət almışam. Zənnimcə, bu müddət içərisində hər şeyi bitirə bilərəm. Biz hələ salona girməmişdik, iki nəfər molla gəldi, bizi də salona çağırdılar. Qadınlardan heç birini görmədim. Biz içəri girərkən sərdar bizi mollalarla tanış etdi. Polkovnik əlini döşünə qoyaraq mollalara təzim elədi. Böyük molla sərdar Rəşidə müraciətlə: – İslama müşərrəf olmaq istəyən bu ağaların hansı birisidir? – deyə soruşdu. Sərdar Rəşid əli ilə polkovniki göstərib dedi: – Bu cənabdır. Bundan sonra molla Smirnova müraciətlə: – Ağanın islama müşərrəf olmasına və dini, ayini-məhəmmədini qəbul etməsinə səbəb nədir? Mollanın dediklərini Smirnova söylədim, islam olmasının səbəblərini söylədikcə mən də mollalara tərcümə edirdim. Polkovnik əzbərlədiyi sözləri belə nəql edirdi: – İslam dininin bir çox əsas qanunları mənim xoşuma gəlirdi. Mən bu müqəddəs din haqqında çox böyük əsərlər oxumuşam. Mən xüsusən islamiyyətdə qadın məsələlərini, ailə quruluşunu sevirdim. Gecələrin birində islam dininə aid kitablardan professor Şantenenin əsərini oxuyurdum. Orada Ayırlendin islam haqqında qayət birtərəfli məqaləsini oxuduqda yenə də islam haqqındakı fikirlərim qaranlıq dumanlar içinə girdi. Gecəni çox fikirlərlə yatdım, dəhşətli bir yuxu gördüm: evin qapıları açıldı. Nurani bir kişi içəri girdi. – Allahummə səlli əla muhəmməd və ali muhəmməd, – deyə mollalar və sərdar Rəşid salavat çevirdilər. Smirnov yenə də sözünə davam etdi: – Haman nurani kişi gəlib əlini mənim döşümə çəkdi, başıma qoydu. Mən yuxudan ayıldıqda özümü çox yüngül hiss edirdim. Polkovnik bu sözü dedikdən sonra məclisdə bir daha salavat çəkdilər, polkovnik isə davam edirdi: – Həmin yuxunu gördüyüm gün əlahəzrət imperatorun Qış sarayı qarşısında rəsm-keçid olacaq idi. Bu vaxt mən alay komandanı deyildim. Rəsm-keçiddən sonra imperatorun əmrinə görə, alay komandanı rütbəsinə keçirildim. Mən bu rütbəyə çatdığımın səbəbini haman nurani simada görürəm. İslamın haqq və bütün dinlərdən müqəddəs bir din olduğuna inandım. Lakin mühit mənim bu xoşbəxtliyimə imkan vermirdi. Şərqdə keçirdiyim həyat, xüsusən bir ailə qurmaq arzum bu səadəti mənə yaxınlaşdırdı. – İslama müşərrəf olmaq istəyirsinizmi? – deyə yenə də molla soruşdu. – Zatən mən islamiyyətə daxil olmuş kimiyəm. – Bərəkallah! Maşallah! Onda, cənabınız, bu deyilən sözləri təkrar etməlisiniz, – molla bunu deyərək kəlmeyi-şəhadəti oxumağa başladı, polkovnik də onları təkrar edir, həm də öz bloknotuna qeyd edirdi. Ayin bitdi, polkovniki müsəlmanlıqla təbrik etdilər. Mən məsələnin bununla bitəcəyini zənn edirdim, lakin belə deyilmiş. İndi də polkovnikin adını dəyişəcək idilər. – Cənabın adı və atasının adı nədir? – deyə molla soruşdu. – Smirnov Aleksandr, – deyə sərdar Rəşid cavab verdi. Molla bir az düşünüb, təsbehini çıxardı, istixarə etdi və sonra: – İsmayıl vələd İsgəndər. Allah mübarək eləsin, – dedi. Bu məsələ də bitdi. Üçüncü məsələ evlənmək və kəbin kəsmək, siğə oxumaq məsələsi idi. Kəbin haqqı iki min manat rus əskinası, bir cild Qurandan ibarət olaraq qərarlaşdırıldı. Molla Mahrunu dəvət etdi, qız qara çarşabda gəlib mollaya baş əydi. Molla: – Siz Ağa İsmayıl İsgəndər oğluna ərə getməyə razısınızmı? – deyə qızdan soruşdu. Qız nişanlısının təzə adını anlayaraq başı ilə razılıq işarəsi verib getdi. Siğə oxundu. Kəbin kağızı yazıldı, mollalardan hər ikisi öz möhrünü kəbin kağızına vurdu. Polkovnik onların hər birisinə bir rus 25-liyi verdikdə hər ikisi birdən: – Xudavəndi təbarəkə və təala, – dedilər, – Ağa İsmayılın bu xeyir işini mübarək eyləsin və onu öz mehriban atası Ağa İsgəndərə çox görməsin. Xudavəndi-aləm öz görünməzindən bu cənaba dövlət – İbrahimi kəramət buyursun. Allah onun əyalına bir övladi-zikur kəramət buyurmağı ilə bizim gözümüzü aydın eləsin. Amin ya rəbbil-aləmin! Mollalar dal tərəflərini qapıya, üzlərini məclisə çevirərək, qapıya tərəf gerilədilər. Dualarını davam etdirməklə dışarı çıxdılar. «Naməhrəmlər» getdikdən sonra xanımların salona daxil olmalarına icazə verildi. Biz Mahru xanımı və onun əri Smirnovu təbrik edirdik. Smirnov dili ilə, Mahru isə başı ilə razılıq verirdi. Təbrik bitdi. Sonra da sərdar Rəşid özünün nəcib bir rus ailəsi ilə aşılandığını, mədəni bir qələbəyə nail olduğunu çox qiymətli istiqbal ümidləri içərisində qeyd edib, bacısının saçlarından öpdü. Şam yeməyi üçün zəngin bir süfrə açılmış kiçik salona keçdik. Salondakı hər bir şey Avropa üsulunu təqlid etməkdə idi. Sərdar Rəşid Avropa tərbiyəsi almış olduğu xəyalı ilə də iftixar edirdi. Şam masası, qablar, çəngəllər, bıçaqlar, əl dəsmalları yeməklər, hətta pəncərələrdəki pərdələr, divardan asılan tablolar da bir avropalının salonunu andırırdı. İraida xanım da avropalı bir həyat düzəltdiyi münasibətilə öz bacısı Ninanın yanında iftixar edirdi. Mahru xanım mənim diqqət-nəzərimi cəlb edirdi. İndiyə qədər onu dəfələrlə gördüyümə və söhbət etdiyimə baxmayaraq, ona bugünkü kimi diqqət verməmişdim. Lakin Smirnovun Mahrunu sevməsi haqqındakı bədii hekayələri və onların sevgisinin bu bədii tarixi, doğrudan da, mənim Mahru haqqındakı düşüncələrimə qəti bir təkan vurmuşdu. Hələ Qərb mədəniyyətini mənimsəməmiş, bir Şərq şəhərində örtülü gəzən bir qızın yerli adəti, yerli ənənəni, dini, məzhəbi ayaqlayaraq rus zabitini sevməsi hər bir insanı düşündürə bilərdi. Hələ mən bu sevginin belə ani bir tarixə malik olması barəsində düşünərkən, bu sevgiyə başqa bir vasitənin təkan verdiyi barəsində də şübhələnirdim. Qız bir Şərq rəssamının tablo mündərəcəsi olacaq qədər gözəldir. Üz kölgədə açılmış nestərən gülünün yarpağı qədər incə və ağdır. Üzünü qara çərçivəyə salan və qaralıqda şəvəyə rəng verən saçlar üzdəki ağlığı daha da artırır və gözəlləşdirir. Mən qıza diqqət verdikcə Smirnovun keçirtdiyi bir neçə günlük tarixin nə qədər həyəcanlı bir tarix olduğunu düşünürdüm. Qaşlar o qədər kip, o qədər qara, o qədər də qövsidir ki, insan baxanda qərbli bir rəssamın Şərqə məxsus bir gözəl qaşını tərif etdiyini düşünür. Mahrunun hər şeydən artıq cəlbedici qaşlarını nəzərdən keçirərkən iki ayparanın biri digərinə qovuşaraq tərsə çevrildiyini təsəvvürümə gətirirdim. Bu qaşlar, bu pənbə çöhrə, bu gözəllik tamamilə başqa bir irq ilə aşılanmamış Təbriz gözəlinə məxsusdur. Heç şübhə yoxdur ki, Təbriz şairi Üssar «İntizar baxışlar» mündərəcəli əsərini ancaq mənim qarşımda oturan Mahru kimi bir fövqülvəcahə gözəldən ilham alaraq yazmışdır. Onun səhər ulduzu kimi titrəyən göz bəbəklərində, doğrudan da, dərin bir intizarın dalğaları rəqs edirdi. Göz bəbəkləri sürətlə dönür, sanki arxasında duran mühüm bir nəfəri görməyə çalışırdı. Qarşımda iki qərbli, bir də şərqli qız oturmuşdur. Bunların birincisi Ninadır, onu lazımınca tanıyıram. Onu olduğu kimi öyrənmişəm. Nina burada oturan qızların yaşca gənci, gözəllikcə də birincisidir. O, xasiyyətcə daha artıq gözəldir. O, sağlam düşüncəyə, doğru mühakiməyə malikdir. Onun sevgisi olduqca mədəni və səmimidir. O, olduqca inadlı bir qızdır, onun iradəsini nə adət, nə qanun, nə ənənə poza bilməz. Nina bəzi qızlarda müşahidə edilən xüsusiyyətin əleyhinə olaraq həyatı anlamaq, sevgini tədricən yaratmaq və sevəcəyi adamı intixab etmək qabiliyyətinə malikdir. İkinci qız Ninanın bacısı İraidadır. Bu da gözəldir. Lakin bundakı xüsusiyyət qadınların bir çoxunda təsadüf ediləcək ümumi bir xüsusiyyətdir. Bu kimi qadınlar da kişini sevə bilər, lakin bu sevgiləri onların öz düşünceləri deyil, onların mənəviyyatı ilə əlaqədar olmayan xarici vasitələri doğurmuş olur, daha açığı, bu sevgini özləri deyil, başqaları yaradır. İraida xasiyyətdə qızların fikrincə, qadının tələb və ehtiyacını ödəyə bilən hər bir kişini qəbul etmək və ailə düzəltmək imkan daxilindədir. Bu əlaqə sevgi ilə təmasda bulunmayan bir xüsusiyyətin məhsuludur ki, bunun başlıca mənbəyi həyatı yanlış düşünməkdən ibarətdir. Bir kişi əldə etmək, ondan qadının ağırlığını daşımaq, zahiri ehtiyac və tələblərini ifa etmək şəraitində istifadə eləmək, özünü təmin üçün kişinin kim olduğunu bilməmək, intixab qabiliyyətinə malik olmamaq ancaq İraida kimi qadınların işidir. İraida xasiyyətində olanların fikrincə, guya sevgi və yoldaşlıq münasibəti məsələsi yalnız kişilik və qadınlıq əlaqəsi vücuda gələndən sonra doğula biləcək ikinci dərəcəli bir məsələdir ki, həyatı bunsuz da davam etdirmək mümkün olarmış. Bunların sevgiləri müvəqqəti olaraq, kişilərdən gözəl və qiymətli bir hədiyyə aldığı zamanda özünü göstərir, ikinci bir hədiyyənin əldə edilməsinə qədər sönmüş və qiymətini itirmiş olur. İraida belə bir qadın idi. Üçüncü qadın Mahru xanım idi. Bu, şərqli idi. Bunun sevgisi tamamilə başqa bir sevgi idi. Ehtiyac, məcburiyyət, kişini öyrənmək nəticəsində doğan sevgi deyildi. Bu sevgi şüursuz sevgi olduğu cəhətinə də müvəqqəti və nəticəsiz sevgidir, daha açığı, şəhvətdən doğan sevgidir. Örtülü qızlarda, cəmiyyətdə yaşamayan qızlarda elə anlar olur ki, qız hər hansı bir kişiyə təsadüf edirsə, ona sevgi bəsləməyə, onunla yaxınlaşmağa maraqlanır. Bu kimi şüursuz sevgilər, xüsusən Şərqin qadını tamamilə örtülü gəzdiyi ölkələrdə daha artıq nəzərə çarpmış olur. Örtülü qadın cəmiyyət içərisində yaşamadığından sevginin həqiqi yollarını aramaqdan və kişiləri öyrənməkdən məhrumdur. Özünə, xasiyyətinə uyğun olan bir yoldaş axtarmaq ixtiyarına malik olmayan bu qadınlar təsadüfi olaraq sevirlər ki, bu da möhkəm və həmişəlik bir sevgi ola bilmir. Belə qadınların öz rəsmi və qanuni əri ilə bir ildən artıq yaşaya bilməsi Şərq qadınlığını kişilərə təhkim edən dini izdivac qanunlarının qabalığı səbəbinədir. Şərq qadınlarının həyat və məişətinə əsaslanaraq düzələn xalq misalları da şüursuz sevginin nəticələrini aydınlaşdırmaq üçün böyük sübutdur. Məsələn, vəzirin dörd divar arasında qalan qızı qulluqçu qadının oğlu keçəli sevir, yaxud padşahın qızı naxırçıya qoşulub qaçır və sair bu kimi məsəllər sevginin sinif tanımadığını isbata çalışsa da, yenə bunlar örtülülükdən doğan şüursuz sevginin şahidləridir. Heç şübhə yoxdur ki, onları bir-birinə bağlayan ailə həyatının mənəvi xüsusiyyətləri deyil, şəhvətin təşviqidir. Hazırda romanını kitabdan deyil, həyatdan oxuduğumuz Mahru xanım həmin şüursuz sevginin qəhrəmanlarındandır, çünki o, sevdiyi, ərə getdiyi polkovnikdə, fəqət bir kişilik hiss edir, daha başqa bir şey görmür. Nə kimliyi məlum, nə istiqbalı bəlli, nə də həyatı müəyyən bir həyatdır. Bu gün Təbrizdə, sabah isə harada olacağı bəlli deyildir. Mahru bununla gəzməmiş, dilini bilmədiyi üçün danışmamış, ilk dəfə görmüş və sevmişdir. Şərq qızlarının sevgiləri yuxarıdan göstərilən sevginin eyni deməkdir. Mən bunları düşündükdən sonra öz-özümə: «Bunlar birlikdə yaşamayacaqdır!» – dedim. Hər kəs yeyir, içir, danışırdı. Mən düşünürdüm, məni fikir yormuşdu. Nina tələsirdi, o, Məciddən nigaran idi. Məcid onu gözləyəcək və onsuz da uyumayacaqdı. Süfrə qaldırıldı, bir azdan sonra sərdar Rəşidin nökəri içəri girərək: – Cənab sərdar, o gəlmişdir! – deyə xəbər verdi. Sərdar: – Çox pakizə, aparın o biri otağa, – deyə əmr edib qalxdı, polkovnikə işarə elədi. Onun rəngi ağardı, o, qonaqlarla görüşdü. Mahru ilə vidalaşdı, sonra sərdar Rəşidin izi ilə o biri otağa getdi. Mahru xanım isə başqa bir otağa getmişdi. Mən onların həmin otağa nə üçün getdiklərini bilmirdim. Bir azdan sonra otaqdan: – Ax, boje moy! – deyə bir bağırtı eşidildi. Bu səs polkovnikin səsi idi. Mən şaşırdım, bir hadisə üz verdiyini zənn edərək heyrətlə İraidanın üzünə baxdım, İraida isə gülərək: – Maraq etməyə dəyməz. Polkovniki sünnət etdilər. Adətləri belədir, – dedi. * * * Şəbnamə №3 Mən hələ nahar etməmişdim. Rus-İran məktəbindən yenicə gəlmişdim. Təbrizdə hökm sürən həyəcanlı şayiələri müzakirə etmək üçün oraya yığılmışdıq. Ruslar, ingilislər Məhəmmədəlinin taxta sahib olması qalibiyyəti haqqında cürbəcür şayiələr buraxırdı. Sabiq şahın hərəkətlərinə dair xəbərləri olduqca gizlin saxlayırdılar, konsulxanalarda belə lazımi xəbərlər yox idi. Yenicə yıxanıb üzümü silirdim ki, miss Hannanın xidmətçisi kiçik bir məktub gətirdi: «Səni təcili bir surətdə gözləyirəm. Bir dəqiqə təxir etmədən gəlməlisən. Hanna». Mən onda mühüm bir xəbər olduğuna inandım, paltarımı düzəldərək onun yanına getdim. Bu gün amerikalı qız olduqca şad və oynaq görünürdü, o, istər özünü, istərsə otaqlarını sanki ətirlər içərisində çimdirmişdi. Qız məni görürkən: – Amerikanın məhəbbəti, Amerikanın diqqət-nəzəri hansı tərəfdə olursa, o tərəf qalib çıxacaqdır! Amerika İran istiqlaliyyəti tərəfdarıdır. Amerika İranda müstəmləkə siyasəti aparanlara düşməndir, – dedi. – Doğrudur, hökumətlər arasındakı rəqabət də bunu tələb edir, – dedim. – Yox, – deyə qız cavab verdi. – Amerika üsul-idarəsi millətlərin azadlığını tələb etməkdədir. – Mən sizi dinləyirəm, məktubunuz çox qısa idi, – deyə cavab gözləməyə başladım. Miss Hanna adəti üzrə saçlarımı oxşayaraq: – Sizə məktubu nə qədər uzun yazsaydım, o qədər də siz bura təxirlə gələcək idiniz. İndi dinlə, – dedi. – Məhəmmədəli tamamilə məğlub olmuşdur. Bu gün konsulxanaya rəsmi xəbərlər gəlmişdir. Tehranın təlimatı bu xəbərlərin intişarını tələb edir. Yerli qəzetlərin müdirləri çağırılmışdır. Onlar rus konsulunun icazəsi olmadan bu xəbərlərin intişarından boyun qaçırdılar. «Savə» və «Bırocırd» yanında vuruşan və Məhəmmədəlinin ümid bağladığı son və əsas qüvvələr tamamilə məğlub olmuşdur. Məhəmmədəlinin özü isə Rusiyaya qaçmışdır. Qızın bu xəbəri məni çox sevindirdi. Naharı necə yediyimi bilməyərək tez qalxdım. Amerikalı qız mane oldusa da, «axşam gələcəyəm», deyə yaxamı qurtarıb çıxdım. Ninanı görmək və onun vasitəsilə rus konsulxanasındakı xəbərləri öyrənmək lazım idi. O, evdə idi, xəbərin çox gec alındığını və Amerika konsulxanasındakı rus casusunun bu xəbəri konsulxanaya gətirdiyini xəbər verdi. Ninanın dediyinə görə, rus konsulu bütün yerli qəzetlərə təsir yetirməklə bu xəbərin dərc olunmamasını tapşırmışdır. – Eyib etməz, – dedim, – biz dərc edərik, hamı da oxuyar. Ninanın evindən çıxıb, yenə də Rus-İran məktəbinə qayıtdım. Əkbər Əkbərov ilə görüşdüm, şəbnamənin mündərəcəsini özümüz düzəltdik, onları yapışdırmaq üçün də lazım olan sifarişləri verib dışarı çıxdım. Mən Məşədi Kazım ağanın hücrəsinə (kontoruna) gəldikdə yenə də Amerika malları almaq üçün toplanmış tacirləri orada gördüm. Məşədi Kazım ağaya gəldikdə malların üstünə bir neçə qat gəlməsinə baxmayaraq, yenə də əlindən buraxmaq istəmirdi. Mən onun qulağına: – Məhəmmədəli məğlub olub Rusiyaya qaçmışdır, – deyə pıçıldadım, – malları bu gün satmalısan, özü də nəqd pula satmalısan. Sabah şəbnamə çıxacaqdır. Məşədi Kazım ağa bu sözdən heç vüqarını pozmayaraq, yenə də tacirlər ilə çənələşməyə başladı. Axşamçağı bütün işlərimi bitirib Məşədi Kazım ağanın kontoruna qayıtdıqda onun bütün malları Amerika dolları, ingilis funtu və İran gümüş parasına satdığını gördüm. Pullar sayılıb bağlandıqda Məşədi Kazım: – Bu ticarətdən inqilabın payına beş yüz min tümən düşür. Harada saxlamaq, hara sərf etmək işi sizin ixtiyarınızdadır, – dedi. – Özünüz saxlayınız. Lazım olduqda siz sərf etməlisiniz, – dedim. Sonra yeni şəbnamənin mətnini çıxardıb ona oxudum: Şəbnamə №3 «Aylardan bəri İran əks-inqilabını idarə edən İngiltərə-Rusiya dövlətləri öz xəyanətlərində məğlub oldular. Məhəmmədəlinin paytaxt üzərinə olan hücumu nəticəsiz qaldı. Yefrem və sərdar Bəhadırın komandası altında olan məşrutə ordusu Məhəmmədəlini tamamilə məğlub etdi. Məhəmmədəli Batağay və Bırocırd yanındakı müharibədə əzildi. Məhəmmədəli yenə də Rusiyaya qaçmışdır. Rusiya və İngiltərənin bu xəyanəti Kaspi dəryası sahilindən başlayaraq Mərkəzi İrana qədər bütün ölkəni soydurdu. Şahsevənlər, türkmənlər kəndlilərin var-yoxunu qarət edib apardı. İngilislər və ruslar bununla da bütün İran kəndli və yoxsullarının nifrətini qazanmışdır. Hər iki müstəməlkəçi dövlətin hiylələri, iç üzləri bəlli oldu, iranlılar öz dostunu və düşmənini tanıdı. Təbriz camaatı rus və ingilis müstəmləkəçilərinə qarşı mübarizədə yenə birinci rolu oynamalıdır, İran xalqı öz inqilabi fəaliyyətinə arxalanmalıdır. Müstəmləkəçilərin əlində alət olan anqlofil, russofillərlə də mübarizə aparmalıdır. Təbriz camaatı, oxuyun, İngiltərə xariciyyə nazirinin İran haqqında verdiyi məlumatı eşidin: «İran haqqında İngiltərə və Rusiya dövlətləri sözbirdir. İran bu iki hökumətin mənafeyini tanımağa məcburdur». Bununla da İran istiqlaldan əl çəkib Misir, Mərakeş, Tunis kimi müstəmləkələrin şəklinə düşməlidir. Təbrizlilər! Bu günlər yuxarıda göstərilən hökumətlər yeni xəyanətə hazırlaşır, İran maliyyəsini düzəltmək üçün gəlmiş amerikalı Morqan Şosterin İrandan çıxarılmasını tələb edirlər. Onlar İrana ultimatum verməyə hazırlaşırlar. İran hökuməti bu iki hökumətdən icazə almadan xaricdən müşavirlər çağırmağa haqlı deyildir. Təbriz camaatı! Bunların hamısı göstərir ki, mübarizə hələ bitməmişdir. Yenə də çarpışmaq, yenə inqilab səngərlərinə dolmaq lazım gələcəkdir». * * * Çar konsulunun yeni xəyanəti Bu gün miss Hannanın Payan kəndinə gedəcəyini bilirdim, o bunu bir gün əvvəl mənə xəbər vermişdi; qız mənimlə bərabər getməyi arzu edərək məktubunda təkid göstərmişdi. Mən özüm də bu səfərdən maraqlanırdım, bu son günlərdə İngiltərə və Rusiya dövlətləri İranda yeni hadisələr yaratmaqda və Morqan Şosterin qovulması üçün ciddi surətdə çalışmaqda idi. Morqan Şosterin müstəqil işləməsi, İranı müstəqil bir hökumət kimi tanıyaraq Rusiya-İngiltərə mənafeyini nəzərə almadan iş görməsi onları narahat edirdi. Mühüm bir zamanda Süpəhdar ilə Sərdar Əsəd arasında da sədrəzəm üstündə mübarizə davam edirdi, bunlar sədrəzəmliyi öz aralarında növbətə qoymuşdular. Biz Amerikanın Morqan Şosterin haqqındakı fikrini bilməyə tələsirdik, buna görə də mən miss Hanna ilə tez-tez görüşürdüm. Amerikanın Morqanı müdafiə edib-etməyəcəyi bəlli deyildi. Miss Hanna ilə sıxı görüşmələrim bir məhəbbətin səmimiləşməsi kimi mənə edildiyindən amerikalı qız öz şadlığını gizlədə bilmirdi. Mən içəri girərkən miss Hanna qapalı pəncərənin qarşısında durub eyvanın sütunlarına bağlanmış meyvə ağaclarının hərəkətinə baxırdı. Külək əsdikcə ağaclar hərəkət edir, budaqlarından asılan payız hulusu və sarı heyvalar sanki qıza salam verirdi. Yanaqları qızarmış və bir qız kimi oynaq hərəkətdə bulunan «səlami»lər mələçi armudun pənbə və nimrəng yanaqlarından öpdükdə, o, utanaraq yarpağı üzünə pərdə çəkirdi. Uzun bir eşqin və əzici bir sevdanın əsiri olan heyva da onları qısqanaraq özünü eyvanın sütunlarına vurub məhv edirdi. İçəri girdik. Səhər yeməyi bitdikdən sonra miss Hanna isti paltarını geyindi, fayton da qapıda durub gözləyirdi. Mən qızın Payan kəndindəki Amerika cəmiyyəti xeyriyyəsi işini yoxlamağa getdiyini zənn etmişdim. Lakin məsələ belə deyildi, qızın bu səfəri tam mənası ilə başqa bir məqsəd daşıyırdı. Faytonumuz yola düşdükdə qız redikülündən bir paket çıxardı. Paketdəki məktubun həm farscası, həm də ingiliscə tərcüməsi var idi. Məktubu Təbriz müctəhidi Mirzə Həsən ağa Amerika konsulxanasına yazmışdı. «Amerikalılar mənim mülküm olan Payan kəndində mülk sahibinin icazəsi olmadan bir çox işlərə müdaxilə edirlər. Bunsuz da amerikalıların İranda başıpozuqluğu, hər işə istədikləri kimi müdaxilə etməsi, müstəqil iş görmələri İran xalqının həyəcanına səbəb olmuşdur. Payan kəndində uşaqların sahiblərindən alınıb Amerikaya göndərilməsi, onların xaçpərəst qanununca tərbiyə edilməsi işlərinə mən bir din rəhbəri olmaq münasibəti ilə, soyuqqanlılıqla baxa bilmərəm. Buna görə də amerikalıların bu gündən etibarən Payan kəndindən çıxmasını tələb edirəm. Əks surətdə mən amerikalıların hərəkətini İranın daxili işlərinə müdaxiləsi kimi mənə etdiyimdən böyük dövlətlərin nümayəndələrinə müraciət edəcəyəm. Mirzə Həsən». Miss Hanna məktubu oxuduqdan sonra məni dərin fikir götürmüşdü. Amerikalılar Payan kəndindən yığışdığı təqdirdə bizim silahlar da qorxu altında qalacaq, silahları başqa bir yerə köçürmək lazım gələcək idi. Bu isə heç vəchlə mümkün deyildi, ruslar bizə göz verib işıq verməyəcəkdi. Onlar yerlilərin hərəm odalarına qədər soxulub silah tələb edirdilər. Mən bu fikirdə ikən miss Hanna: – Nə yapacaqsan? – deyə ümidsiz halda sordu. – Bura rus müstəmləkəsidir. Rus konsulunun tələbi budur. Ruslar hər şeyi bizdən bilirlər. Şəbnamələri çıxaranlar da sanki amerikalılar imiş, Amerikadan göndərilmiş kisədə tapılan şəbnamələr rus konsulunun əlində böyük bir bəhanə olmuşdur. Rus və ingilis konsulxanaları şəbnamələrdən Amerikanın xəbəri olmadığını bilsə də, bu qiymətli bəhanədən əl çəkmək istəmir, buna görə də Amerikanın Azərbaycandakı müəssisələrini sıxışdırmaq istəyirlər. Eybi nədir? Biz də Mirzə Həsənin təklifini qəbul etdik. İşimizi yığışdırmaq üçün iki həftə möhlət almışıq, indi isə uşaq qəbulunu dayandırmaq əmrini vermək üçün gedirəm. – Amerika hökuməti bu barədə bir təşəbbüsdə buluna bilməzmi? – deyə qızdan soruşdum. – Buna Tehran və yaxud Vaşinqton bir təsir göstərə bilməzmi? – Məsələ Payan kəndi məsələsi deyildir. Məsələ İngiltərə-Amerika, Rusiya-Amerika rəqabəti məsələsidir, məsələ Morqan Şoster məsələsidir. Hər iki hökumət bunu çəkə bilmir. Rusların Azərbaycanda öz evi kimi hərəkət etməsinə də İngiltərə səbəbdir. İngilislər bir çox səbəblərə görə İranın azadlığı əleyhinə olaraq açıqdan-açığa hərəkət edə bilməzlər. İngiltərədə proletariat etiraz edir və liberal müxalifətçilərin bəziləri də Orta Asiya siyasəti xətt-hərəkətinin dəyişilməsi tərəfdarıdır. İngiltərə İslam Şərqində öz nüfuzunu itirməyə çalışır, İran istiqlalına hüsn-rəğbət bəsləyən 70 milyonluq hind müsəlmanları da nəzərdə tutulur. Xüsusən İranda Rusiya və İngiltərə siyasətinin törətdiyi hərc-mərclik nəticəsində İngiltərənin ticarət kapitalı ağır zərərlər çəkir. «Linc» firması olduqca böyük zərərlər çəkmişdir, firma nümayəndələri istər parlamanda, istərsə parlaman xaricində söylədiyi nitqlərində, İngiltərə xariciyyə naziri əleyhinə çıxışda bulunmuş və onun İrandakı siyasətini tənqid etmişlər. Bundan başqa, Mançester və sair ticarət palataları da Qərbin siyasəti əleyhinə çıxışda bulunmuşlar. Belə şərait nəticəsində İngiltərə açıq hərəkətdə bulunmayaraq, rus süngüsündən istifadə edir, öz sözünü rus orduları vasitəsilə qəbul etdirməyə çalışır. Amerika hökuməti də bunu bilməmiş deyildir, ola bilər ki, Morqan Şoster də geri çağırılsın, zənnimcə, Amerika bu məsələni böyütmək istəməyəcəkdir. Faytonumuz yenə də iydə ağaclarınını kölgəsi ilə örtülmüş çalaçuxur yollarla gedirdi. Payız küləyi şiddətli bir surətdə əsirdi. İydə ağaclarının saralmış yarpaqları miss Hannanın ağ dəridən tikilmiş yaxalığının üstünə düşməkdə idi. Qız küləkdən qorunmaq üçün mənə qısılmışdı: – Sizə də soyuqdur, – deyə əlimi əlinə alır və düşünürdü. Bir azdan sonra düşüncədən ayrılaraq mənə müraciətlə: – Ticarətiniz nə yoldadır? Özünüzü idarə edə bilirmisiniz? – deyə soruşdu. – Nə üçün, fəna deyildir, – deyə cavab verdim. – Cavahirçilik ticarəti təmiz bir ticarət olsa da, bununla kapitalist olmaq mümkün deyildir. – Nə üçün? – deyə sordum. – Çünki cavahir ticarəti kütlələrin ən az bir hissəsini əhatə edə bilər, onun istismar dairəsi çox dardır. Siz istəsəydiniz, mən sizə böyük bir para qazandırardım, az vaxt içərisində böyük bir sərvət əldə etmiş olardınız. – Nə vasitə ilə? – Amerikalılar müvəqqəti olaraq İrandakı ticarətlərini dayandırmağa məcburdurlar. Bütün müəssisələrin ticarəti dayandırması üçün Nyu-York və Vaşinqtondan təlimat vardır. – Bunun səbəbi nədir? – Ticarət karvanlarını mühafizə üçün silahlı qoşun dəstələri lazımdır. Şimalda Rusiya, cənubda ingilis ticarət karvanlarını müdafiə üçün məzkur dövlətlərin silahlı qoşunları vardır. Lakin Amerika tacirləri üçün bu, mümkün deyildir. Yollarda qarət olunan malları da biz, başqa dövlətlər kimi, İran dövlətinin hesabına yaza bilmərik. Ticarət mallarımız rus-ingilis qoşun dəstələrinin gözü qarşısında qarət edilsə də, onlar yardım vermirlər, onlar Amerika mənafeyini müdafiə etməyi öz hökumətlərinə qarşı bir xəyanət hesab edirlər. Bunları nəzərə alaraq, ticarət müəssisələri ticarəti yığışdırmalıdır. Amerika müəssisələrinin əlində bir çox mal vardır ki, bunları nə alman, nə Rusiya, nə də ingilis ticarət müəssisələrində ələ gətirmək mümkün deyildir. Siz Amerika mallarını alıb öz əlində saxlasanız, bir aydan sonra siz milyon sahibi ola bilərsiniz. – Çox razıyam, cavahir ticarəti təmiz ticarətdir, lakin bunu da sevirəm, – deyə yenə də Məşədi Kazım ağanı xatırladım. * * * Çarın ultimatumu Bu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi. Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi. Əmir Heşmətin özü də çox gec gəldi. Onun gəlməsi ilə bizim iclasa qoyacağımız məsələnin şəkli tamamilə dəyişdi, çar ultimatumu əvəzinə Təbriz məsələsini müzakirəyə qoyduq. Söz Əmir Heşmətə verildi. – Vəziyyət ağırdır, – dedi, – rus konsulu ilə Müxbirüssəltənənin arasındakı ixtilaf get-gedə böyüməkdədir. Müxbirüssəltənə rusların İranda öz evləri kimi hərəkət etməsinə qarşı bir iş görə bilmir. Onun bütün etirazları nəticəsiz qalır. İki gün əvvəl telefon postunda duran iki nəzmiyyə nəfərini ruslar tərksilah etmişlər. Hökumət rəsmi olaraq etiraz etdi, silahların qaytarılmasını və müqəssirlərin cəzalandırılmasını tələb etdisə də, rus konsulu «əhalinin rahatı, şəhərin salamətliyi üçün hərbi idarələr tərəfindən tapşırılan bu kimi işlərə məhəlli və mülki idarələrin müdaxilə etməsi əsgəri qanunlara müğayirdır» deyə cavab verdi. Dünən nəzmiyyə idarəsindəki bütün telefon xətlərini rus hərbiyyə idarələri zəbt etmişlər. Nəzmiyyənin böyük bir şəhəri idarə etməsi üçün heç bir rabitə vasitəsi qalmamışdır. Müxbirüssəltənənin etirazına cavab olaraq yenə də rus konsulu: «Şəhərdə İngiltərə kralı və əlahəzrət Rusiya imperatorunu təhqir edə biləcək gizli intibahnamələr nəşr edilərək, əhali üsyana dəvət edildiyi bir zamanda Təbriz nəzmiyyəsi heç bir iş görə bilmədi. İmperator hökuməti konsulxanasının fikrinə görə, nəzmiyyənin tərskilah edilməsi vaxtı çoxdan yetişmişdir. «Təbriz mülkiyyə idarələri və Təbriz əhalisi məhəlli nəzmiyyə təşkilatları olmadan belə çar ordusunun himayəsi altında yaşayar və öz işini apara bilər» sözlərini təkrar etmişdir. Çar konsulunun bu sözlərindən sonra Müxbirüssəltənə Tehran ilə müzakirə aparır və Təbrizi buraxmağa qərar verir. Rusların da siyasəti Müxbirüssəltənəni Təbrizdən çıxarıb qovmaqdan ibarətdir. İclas uzun çəkdi. Əmir Heşmət sözünü bitirdikdən sonra fikirlər bir neçə yerə bölündü: Əmir Heşmət, onun qardaşları, Məşədi ağa, Mirzə Məhəmməd Süheyli və sairələri müsəlləh mübarizəyə qalxmaq tərəfdarı idilər. Mən və yanımda bir neçə nəfər buna səs verə bilmədik. Çünki silahlı mübarizənin fəna nəticələrini görmüş olacaqdıq. – Düşünmək lazımdır, – dedim, – ruslar nəzmiyyəni tərksilah etmək cürətində bulunmazlar. Belə bir iş olsa, onda başqa cür hərəkət etməyə ixtiyarımız vardır. İranın işğalı üçün rusların əlinə bəhanə verməməliyik. – Ruslar o bəhanə olmadan belə Şimali və Şərqi İranı işğal edəcəkdir, – deyə Ağa Əli sözə başladı. – Biz nəzmiyyəni təslim etməyəcəyik! Qoy çar hökuməti bilsin ki, inqilabçı Təbriz tamamilə ölməmişdir. Mən böyük bir əksəriyyətə qarşı aciz idim, iclasdakıların müqavimətini, inadını sındırmaq mümkün deyildi. Gələcəkdə böyük hadisələr doğura biləcək bu düşüncələrin qarşısını ala bilməyəcəyimiz şübhəsiz idi. Əmir Heşmət coşmuşdu: – Mən bir daha taleyimi sınayacağam. Bircə günün içərisində bütün Təbrizdəki çar qüvvələrini məhv edəcəyəm. Qoy bu hadisə çar konsulunun qulağında bir sırğa olub qalsın. Mən bu gün Şərqin böyük bir cahangirə qarşı müsəlləh üsyan yarada biləcək qabiliyyətinə malik olduğunu həm ingilis, həm də çar cahangirlərinə isbat edəcəyəm. İclasdakılar durub onun ağzından öpdükdə mən çıxış yolu tapa bilməyəcəyimi yəqin etdim. Ona görə də iclasa müraciətlə dedim: – İndi ki, siz özünüzü böyük bir məsuliyyət qarşısında qoymağa tələsirsiniz, indi ki, hadisənin gələcək nəticələri ilə hesablaşmaq istəmirsiniz, o halda bu gündən etibarən inqilabda rəhbərlik etmiş və tanınmış şəxslərin hamısının Təbrizi buraxması və ailəsini başqa bir tərəfə köçürməsi lazımdır, çünki ruslar bu qanlı üsyan nəticəsində mütləq Təbrizdən intiqam alacaqlar. Mənim sözlərimi eşidin, mən Təbriz inqilabı rəhbərlərinin məhv edilməsinə, dar ağaclarına çəkilməsinə səs verə bilmirəm. Təbrizdən köçməlisiniz. Mən Əmir Heşmətin başıpozuqluğunu, təşkilatla işləməyi sevməyən bir adam olduğunu bilirəm. Bunu Culfada da danışmışıq, bunu Səttar Zeynalabdinov da özünə demişdir. Buna görə də mən bir şey tələb edirəm: Əmir Heşmət özünü və nəzmiyyəni əksəriyyət qazanmış fikrin ixtiyarına verməlidir. Özbaşına iş görməməlidir. Silahlı üsyan olacaqsa, mütəşəkkil bir surətdə olmalıdır. Belə olursa, tələfatımız da çox olmaz zənnindəyəm. Mənim sözlərimdən sonra Əmir Heşmət durub əllərimi sıxdı, üzümdən öpərək dedi: – Əksəriyyətə tabe olacağam. Buna söz verirəm. Onu da deyirəm ki, silahlı üsyan olmadan belə, Müxbirüssəltənə gedər-getməz Səməd xan hökumət başına gələcəkdir. Onda yenə də dar ağacları qurulacaqdır. İndi ki, beladir, qoy Təbriz bir daha öz qüvvətini cahangirə bildirsin. Mən etiraz edərək: – Konsulxananı öyrənəcəyəm, hərgah bütün burada göstərilən həyasızlığın həyata keçirilməsi təşəbbüsləri doğru isə, o zaman üsyanı nə cürə təşkil etmək barəsində bir daha düşünərik, – dedim. * * * Mən indiyə qədər Ninanı bu vəziyyətdə görməmişdim, onun bütün varlığı bir həyəcandan ibarət idi. O, işdən yenicə gəlmiş, yuyunmamış, paltarlarını dəyişməmişdi. Mən içəri girərkən Təhminə xanımı mənim dalımca göndərmək istədiyini gördüm. O, hələ mənimlə danışmadan qabaq Təhminə xanıma müraciətlə: – Rica edirəm, Məcidi götür qızların yanına apar, – dedi. Məcid ilə Təhminə xanım getdi. Nina olduqca kədərli və qəmgin bir surətdə əlimi tutaraq dedi: – Vicdansızlar içərisində olaraq vicdanla çalışmaqdan çətin iş yoxdur. Bu gün öz həyatımdan tamamilə iyrəndim, – deyərək ağlamaq istədi. – Nə olmuşdur? – deyə soruşdum. – Çar konsulu böyük bir həyasızlıq etmək istəyir. Tehranda çar ultimatumu çox təsir bağışlamışdır. Çar səfarəti qarşısında etiraz nümayişi düzəlmişdir. Bu hərəkatın genişlənməməsi üçün Təbrizdə cəza qanunları tətbiq etmək və bəzi inzibati təşəbbüslərdə bulunmağa hazırlanırlar. Nina susdu. Hər ikimiz düşünürdük. Nəhayət, Nina sükutu pozaraq: – Şərqin özü öz qeydinə qalmalıdır, – dedi. – Çar konsulunun bütün hərəkəti mənim dediklərimi isbat etdi. Bu hal silahlı üsyanı məsləhət görür, kütlələrin qiyamını tələb edir, çünki silahsız və acizlərin haqqında mərhəmət sözünü tətbiq etmək yaramaz. Konsul deyir ki, Səttar xanın üsyanı təbrizlilərin əxlaqını pozmuşdur. Onların başından müstəmləkə xalqına yaraşmayan fikirlər hələ çıxmamışdır. Bu çürük fikri onların başından çıxarmaq üçün Abşeron alayının süngüləri lazımdır. Onun fikrincə, müstəmləkə xalqı mərhəmət sevmir və zülmə tabe olan bir xalqdırlar, bunu onların əxlaq və təbiəti də tələb edir. Mədəniyyətsiz və vəhşi xalqlara hörmət etdikdə ondan qorxurlarmış kimi hərəkət edirlər. Buna görə də Şərq xalqlarına mərhəmət göstərmək çar siyasətinə daxil deyildir. Təbrizdən silahları yığmaq, hökumətə məxsus hərbi şeylərin qalğısını zəbt etmək, nəzmiyyəni tərksilah edərək buraxmaq və sair bu kimi məsələlər üçün layihələr hazırlanmaqdadır. Məsələ aydın idi. Əmir Heşmət deyənlər doğru çıxdı, başımızın çarəsini tapmalı idik. Naharı Nina ilə birlikdə yedik. Oradan çıxıb Rus–İran məktəbinə getdim, Əkbər Əkbərov yoldaş da Əmir Heşmətin fikrini təsdiq etdi, müsəlləh üsyandan başqa çarə olmadığını söylədi. Mən çox çapaladım, çox fikirləşdimsə də, bir çarə tapmadım. Qəti fikrimi axşam iclasında deyəcək idim. * * * Miss Hannanın ad günü İclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim. 1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq. 2-ci – hazırkı nəzmiyyənin tərkibində əski nəzmiyyədən qalmışları sabahdan etibarən xidmətindən çıxarıb silahlarını almaq, yerlərinə mücahidləri qəbul etmək. 3-cü – dörd yüz nəfər nəzmiyyə əfradı üçün dörd yüz at və yəhər-əsbab almaq. 4-cü – bütün inqilab rəhbərləri ailəsi ilə bərabər Təbrizdən çıxmalıdır. Çünki rəhbərlərin Təbrizdə qalması, onların ruslar tərəfindən asılması Təbriz xalqının inqilabi ruhunu tamamilə boğmuş olacaqdır. 5-ci – rus ordusu yerləşən yerləri nəzərdən keçirmək, üsyan hərəkatının harada və nə cür başlanmasını təyin etmək üçün bir komissiya düzəltmək lazımdır. 6-cı – səfərbərliyə alınanların siyahısını tutmaq, onların ehtiyacını təmin etmək, nə qədər məsarif lazım olduğunu bəlli etmək, onlar ilə təkbətək danışıb fikirlərini öyrənmək. 7-ci – səfərbərliyə alınanları xırda dəstələrə ayırıb onlarla şəhərin uzaq və müxtəlif cəhətlərində təlim keçmək, hərəkət məntəqələri ilə tanış etmək və silahla nə cür rəftar etmələrini müayinə etmək. 8-ci – silahların qalan hissəsini isə möhkəm bir yerdə gizlətmək. Planın maddələri bir səslə qəbul edildi və müəyyən maddələr üzrə komissiyalar seçilib tapşırıqlar verildi. İclasdan Məşədi Kazım ağa ilə bərabər çıxdım. Miss Hannanın ad günü olduğunu və ziyafətə dəvət olunduğumu söyləyərək şam yeməyinə gəlməyəcəyimi xəbər verdim. – Qıza nə hədiyyə aparırsan? – deyə Məşədi Kazım soruşdu. – Heç bir şey. Vaxtım yoxdur, – dedikdə Məşədi Kazım etiraz etdi: – Yox, yaramaz. Bir şey aparmalısan. O bizə milyon tümən qazanc vermişdir. Onun da bizim bu mübarizəmizdə haqqı vardır. Evə dönək, onun üçün dəyərli bir hədiyyə götürün. – Mümkün deyil, Ninaya təsadüf edəcəyimdən qorxuram, – dedim. – Gəl, Nina xanım hələ gəlməz, – deyə Məşədi Kazım ağa məni evə qaytardı. Məşədi Kazım ağa almazlarla bəzənmiş altun bir qutu gətirdi, qutunun içərisində xırda brilyantlardan düzülmüş bir qızbaşı vardı. – Aparın! Bu, qızın zəhmət haqqıdır. O bizə yenə də lazım olacaqdır, – deyə güldü, mən də: – Doğrusu, mən bu hədiyyəni amerikalı qıza vermək üçün xəsislik göstərirəm, – dedim. Hər halda, bunu vermək lazım idi, onların himayəsindəki silahların xatirinə olsa belə, bu, lazım idi. Silahları bunların vasitəsilə gətirəcəyimizi düşünürdüm. Məşədi Kazım ağa ilə bərabər çıxdıq. Düz-doğru Həkkakbaşının evinə gəldik. Hədiyyənin üzərində miss Hannanın adını yazdırmaq istədik. Həkkakbaşı evdə idi, bizi kamal-məmnuniyyətlə qəbul etdi. Qutunun üstündə bu sözləri yazdırdım: «Qiymətli dostuma kiçik bir hədiyyəm». Mən ziyafətə hamıdan sonra gəlmişdim, qonaqlar mənim yolumu gözləyirmiş, onların hamısı məni miss Hannadan öyrənmiş, xüsusən mənim miss Hannaya olmazın hörmətlər etdiyimi eşidib mənim ilə görüşməyə maraqlanırdı. Mən içəri girdikdə amerikalı qonaqlar iranlılar kimi ayağa qalxdı, əvvəlcə miss Hanna məni salondakılara təqdim edərək dedi: – Haqqında sizə dəfələrlə danışdığım, uğrumda fədakarlıq göstərmiş və bütün səfərimdə məni əyləndirmiş, hər kəsin sevdiyi, xüsusən mənim səmimi hörmət bəslədiyim Əbülhəsən bəydir. Qonaqlar da özlərini birər-birər təqdim edərək tanış olduq. Əvvəlcə konsulun arvadı madam Mariya ilə tanış olduq. Konsulun özü xəstə olduğundan bu ziyafətdə iştirak edə bilməmişdi, o, məktub və hədiyyələr göndərmişdi. Konsulxananın baş katibi Mister Frikson və onun gənc arvadı Sara xanım ilə tanış olduq. Beləliklə, bütün qonaqlarla bir-bir tanış oldum. Bir tərəfimdə miss Hanna, digər tərəfimdə isə konsulun xanımı madam Mariya oturmuşdu. Hədiyyələr gözdən keçirildi, mən verən hədiyyənin əvvəlcə qiymətli olan qutusu gözdən keçirildi, içində nə olduğundan xəbərləri olmayan qonaqlar qutunun üzərindəki daşları ölçür və təxmini də olsa, onun karatlarını hesablayırdılar, lakin qutu açıldıqda, daşlardan düzülmüş qızbaşı çıxdıqda mister Frikson Hannaya müraciətlə: – Cavahir satan dostunuz sizə Fransada düzəlmiş ən qiymətli bir hədiyyə gətirmişdir. Siz indi zənginsiniz, hədiyyənin qiyməti 15 min dollardan əskik deyildir. Sizi gözəl, mədəni və gənc bir Şərq taciri ilə tanış olmaq münasibətilə də təbrik etməliyəm, – dedi. Sevgi ilə sevinc bir yerə qarışdığından miss Hanna necə oturub, necə duracağını bilmirdi. Söhbətlər yarım saatdan uzun çəkdi, ancaq bu danışılan sözlərin çoxu miss Hannanın hədiyyəsi üzərində idi. Miss Hanna mənimlə tanış olduğu zamandan bəri əldə etdiyi bütün hədiyyələrini qonaqlara göstərirdi. O, əvvəlcə Səttar Zeynalabdinovun verdiyi qiymətli incini və Ələkbər yoldaşın arvadının hədiyyə etdiyi qiymətli şalı, Livarcan xanının hədiyyə verdiyi firuzə iynədən, cavahirli üskük, fil sümüyündən qayrılmış milçəni və sairələri göstərdi, sonra Ələkbər yoldaşın mənim adıma olaraq ona bağışladığı brilyant sırğaları göstərib dedi: – Mən Şərqin ən qiymətli adamları ilə tanış olmağa və böyük hədiyyələrini daşımağa nail olmuşam. Biz qalxıb süfrə başına keçdikdə Friksonun arvadı Saranın yanımda oturmağa tələsdiyini hiss etdim. Buna mən də razı idim, çünki konsul arvadı ilə mütərcim vasitəsilə danışırdım. Sara isə rusca çox gözəl danışırdı. O öz əri Friksonla belə rusca danışmağa çalışırdı, Frikson da qırıq-qırıq olsa da, fikrini rusca ifadə edə bilirdi. Bir tərəfimdə miss Hanna, digər tərəfimdə isə Sara oturmuşdu, miss döşünə taxdığı zəngin qızbaşına baxaraq dedi: – Mən köksümdə zəngin və səmimi dostumun hədiyyəsini daşıyıram. Mən ona tərəf əyilərək yavaşca cavabını verdim: – Mən də köksümdə qiymətli və gənc bir qızın unudulmaz sevgisini daşıyıram, – dedim. Bu sözdən miss Hanna olduqca məmnun qaldı, bunu Saraya da dedi. Saranın fikri özündə deyildi, onun fikri də, qəlbi də, gözləri də hədiyyədə idi; o, iştahasını, marağını, hirsini söndürməyi bacarmırdı, nəhayət, o mənimlə söhbətə girişdi. – Mən taleyə, iqbala inanıram, – Sara bu sözləri ərinə çox ehtiyatla baxaraq deyirdi. – Biz Friksonla burada evlənmişik, mənim atam Xadarkovski qənd firmasının vəkilidir, firmanın sahibi mənim əmimdir. Atamın familiyası, bəlkə də, eşitmiş olarsınız, Mezgerdir. Anam burada atamdan ayrıldı, Şərq mühitinin verdiyi xüsusiyyətləri həzm edə bilmədi. Özü üçün bir neçə namünasib tanışlar seçdiyindən atamın narazılığını qazandı, bununla da ayrıldılar. Böyük bacım hələ Təbrizə gəlmədən belə bir nəfər gürcü knyazı, mal həkimini sevib getdi. Ailəmiz dağıldı, o həyatda yaşamaq mümkün olmadı, mən də ərə getmək məcburiyyətində qaldım. – O, burada bir az səsini yavaşıdıb dedi: – Amerikalılar olduqca xəsisdir. Zatən ingilis irqinin hamısı belədir. Onlar yalnız özləri üçün yaşayırlar. Hər nə isə mənim taleyimdə bu, yazılmış imiş. Bunu da deməliyəm ki, hələ ailə illəri bizi bir-birimizə bağlamamışdır. Onunla Amerikaya gedəcəyim də şübhəlidir, hər halda mən Şərqdə yaşamağı istərdim. Saranın sözləri Friksona məcburi olaraq ərə getdiyini anladırdı, mən onun sözlərini cavabsız buraxmaq istəmədim. Sara sözünü bitirdi, məsələ aydın idi. O, Friksonu gözəl, zəngin olması şərti ilə sevə biləcək idi, indi isə sevmir, səadətini başqalarında arayır. Frikson mənim qolumdan tutub, salona keçməyimizi təklif etdi. Frikson əvvəlcə sözünü öz arvadından başlayaraq: – Rəfiqəm çox gəncdir. Onun yaşı həyata müəyyən şəkil verə biləcək vaxtına yetişməmişdir, 19 yaşı vardır, evləndiyimiz də uzun zaman deyildir. Hələlik o, qızlıqdan və qızlığa məxsus şıltaqlıqdan ayrıla bilməmişdir, mən isə onun ruhuna girmək, onu oxşamaq yollarını tapa bilmirəm, buna görə də bir yabançı kimi yaşamaqdayıq, – dedi. Bunu mən Sara xanımın söhbətindən anlamışdım. Bu məsələnin məni çox da maraqlandırmadığını görən Frikson: – Bunu bir tərəfə burakalım, – dedi, – hazırkı vəziyyətimizdən danışalım. Sabah Payan kəndindəki xeyriyyə müəssisəmizin köçürülməsi vaxtı bitir, orada olan şeyləri, əldə olan xəstə və sağlam uşaqları köçürüb şəhərdə yerləşdirmək lazımdır. Bu isə vaxt tələb edir, bu vaxtı da bizə vermirlər. Müctəhid bu gün yenə də qəti tələbat vermiş və kəndi boşaltmağı qəti olaraq xəbər vermişdir. Bəlkə də, siz bu barədə bizə yardım göstərə bilərsiniz? Heç olmasa, şəhərdə əlverişli mənzil tapmaq lazımdır. Frikson üzümə baxaraq cavab gözləyirdi. – Mümkündür, – dedim, – istər şəhərdə yer tapmaq, istərsə şeyləri oradan daşıtdırmaq mümkündür. Bu xəbər məni sevindirirdi, çünki Payan kəndindəki silahları yenə də Amerika bayrağı altında olaraq şəhərə gətirmək mümkün olacaq idi. * * * Mahru və Smirnov Mahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu. O düşünür və düşünürdü: «Özü yıxılan ağlamaz, – deyirdi, – özüm sevib gəlmişəm. Mən elə bildim ki, bu sevgi məni məsud edəcəkdir. Onun adının dəyişməsi, müsəlman olması da əhalinin müəyyən qismini şaşdırmaq üçün bir oyun idi. Din, adət-ənənə bir olmadıqda yaşamaq da çətindir, – deyənlər də var idi. Lakin bunların heç birisi mənim qulağıma girmirdi, mən sevirdim, dəlicəsinə sevirdim. Evləndik, yaşadığımız da uzun müddət deyildir, ancaq o, tez söndü, o məndən soyudu. Bəlkə də, o, bir qızı müvəqqəti istifadəsi üçün aldadıb almışdı. Eybi yoxdur, ayrılarıq». Mahru bu düşüncələrlə ikən Smirnov içəri girdi, Mahrunu qolları arasına alıb öpdü, lakin bu öpüşlər, nəvazişlər nə qədər saxta və süni idi. Hər şey adi, hər şey solğun, hər iş tərəddüd və şübhədən ibarət idi. Mahru özünü saxlaya bilməyib ağladı. Smirnov şaşırdı, onun başını köksünə alaraq divanın üstündə oturdu. – Gözəlim, mələyim, neçin ağlayırsan? Səni təhqir edənmi vardır? – dedi. Mahru başını onun köksündən qaldıraraq dedi: – Sən belə etməməli idin! Mən səndən ötrü hər bir şeyi atdım, millətimi, adətimi, tanışlarımı buraxdım, sən buna qiymət vermədin, tez geri çəkildin. Sən məndən nə tez soyudun? Nə tez bu sevgi səni usandırdı? Smirnov dəli adamlar kimi baxıb nə cavab verəcəyini və Mahrunu nə kimi sözlərlə sakit edəcəyini bilmirdi. – Doğrudur, gözəlim, son günlərdə dəyişmişəm. Lakin bunun bizim sevgimiz və ailə həyatımızla heç bir əlaqəsi yoxdur. Hərgah vəzifəm yol verəydi, mən bu dəyişmənin əsas səbəbini sənə söylərdim. – O da bir bəhanədir! – deyə Mahru acıqlı cavab verdi, – günah özümdədir, bu mənə böyük bir ibrət dərsi oldu... Smirnov Mahrunu heç vəchlə sakit edə bilməyəcəyindən onunla ciddi danışmaq və hazırkı vəziyyətin səbəblərini söyləmək qərarına gəldi. – Gözəl Mahru! – deyə Smirnov yalvarıcı vəziyyət aldı. – Təbrizin vəziyyəti olduqca ciddi və qorxuludur. Sənə söyləyəcəyim bu sözləri gizlində saxlamalısan. Çünki bu sözlər mənim müqəddəratımla əlaqədardır. Bu günlərdə Təbriz general-qubernatoru çar konsulxanasının təklifləri ilə razılaşmadığından ölkəni buraxıb getdi. Təbriz gizli təşkilat əlindədir. Gündə bir intibahnamə, gündə camaatı üsyana dəvət etmək üçün təbliğat aparılır. Əldə olan məlumata görə, nəzmiyyə təşkilatı da inqilabçılar əlindədir. Buna görə də nəzmiyyəni tərksilah etmək və Təbrizdən silahları yığmaq məsələsi qoyulmuşdur. Bu məsələni mənə tapşırmışlar. Heç şübhə yoxdur ki, bu işlər silah gücünə olaraq həyata keçiriləcəkdir. Nəzmiyyənin təslim olacağına ümid yoxdur. Müxbirüssəltənənin Təbrizi buraxıb getməsi də çar siyasətinə qarşı bir nümayişdir. Təbrizdə qan töküləcəkdir, qafil və silahsız camaatın müqəddəratını alayın kəskin silahları həll etməlidir. Məni düşündürən budur. Qırılanlar sənin millətindir, sənin həmvətənlərindir, bəlkə də, bu qırğın səninlə mənim aramdakı səmimi sevgi əlaqəsinin zəifləməsinə də səbəb olacaqdır. Qardaşın da üsyan hərəkatının və nəzmiyyənin tərksilah edilməsi tərəfdarıdır. Hərgah mən sənin də bu təşəbbüsdən razı qalacağını bilsəydim, o zaman düşünməyə heç də ehtiyac yox idi. Mən daha sakit bir vicdanla vəzifəmi bitirərdim. – Sən bu işi öz boynundan ata bilməzmisən? – deyə Mahru soruşdu, – yaxud bunun qarşısını ala bilməzmisən? Qoy bu işi özgəsinə tapşırsınlar. – Bu, vəzifədir! Burada rütbə və mənsəb məsələsi vardır. Bununla da bizi səadətli bir gələcək gözləyir, mən ancaq bu vəzifədən sonra general rütbəsinə çata biləcəyəm. Mahru dinmədi. Smirnov da sanki dediklərindən peşman olmuşdu, bu halda telefonun zəngi səsləndi. Smirnov telefonu dinlədikdən sonra Mahruya müraciətlə: – İşlər ciddiləşir. Bir neçə gün bundan əvvəl tərksilah edilmiş iki nəzmiyyənin əvəzinə, bu gün dörd nəfər rus əsgərini tərksilah etmişlər, odur ki, mən konsulxanaya getməliyəm. Sən məni gözləmə, naharı mənsiz edə bilərsən! – deyib geyinib getdi. Mahru başını əlləri içərisinə alaraq oturmuşdu. O, Smirnovdan eşitdiyi sözlər ətrafında düşünürdü. O, birdən-birə Smirnovun sözlərini təkrar etməyə başladı. «Bu, vəzifədir, rütbə və mənsəb məsələsi vardır. Bizi səadətli gələcək gözləməkdədir. Bu vəzifəni bitirməklə də general rütbəsinə yetişəcəyəm». O bu rütbənin hansı yollarla əldə ediləcəyini düşünərkən dəhşətə gəlirdi. «Təbrizliləri ərim qıracaqdır. Qadınlar, uşaqlar çar kazaklarının əlində qalacaqdır, minlərin fəlakəti nəticəsində biz iki nəfəri xoşbəxt həyat qarşılayacaqdır, onun şöhrət qazanması üçün minlərcə namus, minlərcə şərəf, minlərcə şan-şöhrət məhv olacaqdır». Birdən Mahru dəlicəsinə ayağa qalxıb pəncərənin qarşısına gəldi, əsəbi bir halda əlini uzadıb Smirnovun fotoşəklini masanın üzərindən götürdü, ona diqqətlə baxdı, bir daha dönüb pəncərədən Təbriz üfüqlərini, incə minarələri, orman kimi bağçalıqları, yumurta şəklində olan günbəzlərin altında, bazarların, kərpic divarların qoynunda nazlanan gəlin kimi sarayları gözdən keçirdi. Mahru sanki bir əlində Smirnovun fotoşəklini, digər əlində isə öz vətəni olan Təbrizi tutub müqayisə edirdi. Bu vəziyyət bir neçə dəqiqə davam etdi. Mahru bu iki sevgilinin heç birisindən keçə bilmirdi. Mahru fotoşəklə bir də baxdı, bu baxışla Smirnovla sevişdiyi zamanların, nəşəli görüşlərin, ürək döyüntülərinin və bütün sevgi macərasının tarixini xatirindən keçirdi və bir daha dönüb Təbrizə baxdı. * * * Qaranlıq düşmüşdü. Qapı vuruldu, Hüseynəli qapıya gedib tez qayıtdı. – Sizi bir nəfər təbrizli xanım görmək istəyir, – dedi. Qapı açıldı, ipək çarşaba bürünmüş bu qadın əzəmətli və məğrur addımlarla irəliləyirdi. Mən oturub Əmir Heşmət tərəfindən düzələcək üsyan hərəkatının planları ilə tanış olurdum. Planları yığışdırıb masanın qutusuna qoydum. Qadın çarşabını atdı, o, Smirnovun arvadı Mahru xanım idi. Mən qalxıb əlini sıxmaq istədikdə: – Evdə ikimizdən başqa heç bir kəs olmamalıdır, – deyə qapını bağladı, mən onun əlini sıxdıqda o, əlini avropalı bir qadın kimi dodaqlarıma uzatdı, əlini öpərək masanın yanındakı kürsüdə oturmasını rica etdim. – Vaxtsız gəlməyim sizi rahatsız etsə də, burada mühüm bir məcburiyyət olduğundan əfv edəcəyinizə əminəm. Çox düşündüm. Dərdimi başqa bir adama deyə bilmədim. – Mahru o tərəf-bu tərəfə baxaraq davam etdi: – Yardımınıza böyük ehtiyac vardır. Bilmirəm, siz bu yardımı verə biləcəksinizmi? – İmkan daxilində hər bir şey mümkündür. Mənim sizə qarşı nə qədər böyük bir hörmət bəslədiyimi bilməmiş deyilsiniz. Siz fikriaçıq bir qız idiniz, yenə də mən sizi elə tanıyıram. Mahru yenə o tərəf-bu tərəfə baxaraq dedi: – İş beladır. Təbrizi böyük bir fəlakət gözləyir. Çarə edə bilərmisiniz? – Nə kimi bir fəlakət? – Ölüm, talan, qırğın təhlükələri! – Kimin tərəfindən? – Çar ordusu tərəfindən. Gəlinin rus konsulu, yaxud da Smirnov tərəfindən öyrədilib göndərildiyini zənn etdim, odur ki, ona ehtiyatla yanaşmaq qərarına gəldim. – Mahru xanım, bu, ola bilməz. Ruslar bura müdaxilə və qırğın məqsədilə deyil, asayişi bərpa etmək məqsədilə gəlmişlər. Zənnimcə, bu xəbərlər sizin rahatınızı pozacaq qədər mühüm xəbərlər deyildi. Onun gözlərindən sanki alov parlamağa başladı. – Məni heç kəs öyrədib sizin yanınıza göndərməmişdir. Siz kişisiniz, gənc bir qadın, xüsusən sizin tanıdığınız qadın xain bir məqsədlə sizin yanınıza gələ bilməz. Mən casus da deyiləm. Dur, məni öldür! Bura gəldiyimi də bir kimsə bilmir. Çar ordusu nəzmiyyəni tərksilah etdirəcək, evlərdən silah axtaracaq, inqilabçı zənn edilənlər həbs ediləcəkdir. Üsyan hərəkatını boğmaq üçün şiddətli cəza qanunları həyata keçiriləcəkdir. – Siz bunları haradan öyrənmişsiniz? – deyə ciddi bir vəziyyət alaraq sordum. – Smirnov dedi, bu vəzifə ona tapşırılmışdır. – Siz bu sözləri bir başqasına da demişsiniz? – Yox, heç kəsi tanımıram. Qardaşıma demək istəmədim, çünki onun da bu xain çıxışda əli vardır. Əvvəlcə Nina xanıma demək istədim, lakin sonra düşündüm ki, bu da urusdur, öz millətini satmaz. Özü də ki, konsulxana işçisidir, qorxdum ki, bu sirri sizə verməndən əvvəl konsulxanaya da verə bilsin, axırda özüm sizin yanınıza gəlməyi qərara aldım. – Əriniz bu xəbəri eşidərsə, sizdən narazı qalmazmı? Həyatınızda bir pozğunluq törəməzmi? Mənim sualıma qız qəti bir səslə: – Mən öz qəlbimi vermişəm, bütün İranı və xüsusən inqilabçı Təbrizi verməmişəm, – dedi. – Əqidəniz bu isə xalqın qeydinə qalıcı və səmimi qəlbinizi təbrik edirəm. Mən sizə inanıram. – Mən də sizə inanıb gəlmişəm. Sizin adi bir təbrizli olmadığınızı bilərək gəlmişəm. O bunu deyib jaketinin cibindən bir parça kağız çıxardı və: – Bunu da oxuyun! – deyə mənə uzatdı. Kağızı alıb oxudum: «Əlahəzrət Qafqaz canişini tərəfindən göndərilən əmrnaməyə görə, Təbriz nəzmiyyə təşkilatı tərksilah edilməlidir. Alayınızın hərbi hazırlığını təmin etməli və xüsusi əmri gözləməlisiniz. Azərbaycan işğal ordusunun komandanı Snarski 25 oktyabr 1911-ci il». Oxuduqdan sonra əmrnaməni qızın özünə qaytardım, qız alıb yenə də jaketinin cibinə qoyaraq qalxdı və vidalaşıb getdi. Hüseynəli əmiyə bura qadın gəlməsi haqqında heç bir kimsəyə söyləməməsini tövsiyə etdim. Təkcə oturub düşünürdüm: «Bir rus zabitinə, hətta onun vətənini tapdamaq üçün gələn rus zabitinə ərə gedən, onu sevən bir qızda olan inqilabi namusun bircə faizi Hacı Mehdi ağa Küzəkünani kimi adamlarda olsaydı, onlar Hacı Səməd xanı Təbrizə hakim gətirmək üçün Marağaya getməzdilər», – deyirdim. Mən yenə də Əmir Heşmətin düzəltdiyi planları çıxarıb baxmaq istədikdə küçə qapısı döyüldü. Kağız-paranı yığışdırıb yerinə qoydum. Bu dəfə gələn Nina idi. O, kədərli idi. Sözlü adama oxşayırdı, içəri girər-girməz: – Bu gün məsələ tamamilə aydınlaşdı, – dedi, ingilis konsulu da razılıq vermişdir. Nəzmiyyə çox şübhəli olduğundan onu tərksilah edəcəklər. Konsulxanada olan məlumata görə, Təbrizdə 25 min silah vardır. Onları da tələb edəcəklər. – Qoy tələb etsinlər, – dedim, – silahların dəyərlisi bizim əlimizdədir, bu da silahların siyahısıdır. Nina siyahını gördükdə: – Bu silahları daşıyanlar olsaydı, daha yaxşı olardı, – dedi. – Onlar da vardır. Gözəl Ninam, hər şey hazırdır. Konsula dərs verəcək və onun yanlış siyasət nəticəsində böyük fəlakətlərə meydan verdiyini dünyaya bildirəcəyik, lakin bütün bunlar zərərsiz olmayacaqdır. Çar hökumətinə qarşı silahlı üsyan düzəldən rəhbərlərin də bir çoxunu itirəcəyik. Lakin bu üsyan zəruridir. Bu olmalıdır, çar hökumətinə Azərbaycan inqilabının bitmədiyini, onun davam etdiyini bildirmək lazımdır. – Doğrudur! – deyə Nina cəsarətlə əlavə etdi və yenə düşünərək, – ah, bilmirəm, axırımız necə olacaq, – dedi. – Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim. – Bu sözləri mən də deyirəm, lakin hadisələrin cərəyanı bizimlə hesablaşmır. Deyilmi? – deyə Nina soruşdu. – Yox, Nina, – dedim, – hazırkı hadisələr bizimlə hesablaşır, çünki o hadisələr təsadüfi hadisələr deyildir. Onlar bizim iradəmizlə hesablaşmaya bilməz, onu biz yaradırıq! Biz bu söhbətdə ikən qapıda bir fayton dayandı. Gələn Ələkbər yoldaş idi. * * * Qapını vurdum, miss Hannanın qulluqçusu qapını açdı, amerikalı qızı görmək üçün icazə istədikdə: – Xanım sizi icazəsiz qəbul etməyi tapşırmışdır, – dedi. Mən qızın kiçik salonuna girdim. O, saçlarını açıb çiyinlərinə atmışdı, məni görərkən qalxıb o biri otağa keçmək istədi, fəqət mən: – Tez gedəcəyəm, rahatsız olmayın, – deyə onu saxladım. – Hara gedəcəksiniz? Sizə söyləyəcək sözüm vardır. – Dinləyirəm. – Tələsməyin, söyləyəcəyəm. Mən onun sözlərini eşitməmiş gedə bilmirdim. O isə məni saxlamaq üçün söhbətləri başqa yerlərdən başlayırdı. Gecə saat ikinin yarısında süfrəyə oturdu, mən də çarəsiz oturdum. Bu gecə gənc qızın süfrəsində şərab vardı, bu, birinci dəfə idi. Mən tez-tez saata baxırdım. – Ayıq qalmağı saatdan öyrənməlisən, – dedikdə yenə də qızın köhnə fəlsəfələrə keçəcəyini bilirdim, bu kimi sözlər qulaqlarımda adi sözlər kimi təsir bağışlayırdı. – Doğrudur, yuxusuz qalmağı saatdan öyrənməlidir, – dedim. – Mən daima saatdan yuxusuzluq öyrənməyə çalışsam da, miss Hannadan səbirsizlik öyrənməyə çalışmayacağam. Qız hazırcavablıqla: – Görünür ki, mən də səndən soyuqqanlılıq öyrənməliyəm, – dedi. Qız bu sözündən sonra fəlsəfəsinə keçmək üçün imkan tapdığını zənn edərək: – Heç kəs mənim kimi xoşbəxt deyildir, – dedi, – Amerika konsulxanasının hər bir üzvü, hətta konsulun arvadı Mariya, Friksonun arvadı Sara belə mənə həsəd apararaq, məni dünyanın ən xoşbəxt bir qızı hesab edirlər. Bununla bərabər onlar məni soyuqqanlı, bacarıqsız hesab edirlər. Guya mən sənin ruhunu oxşaya bilməmişəm, səni əyləndirməyi, ruhunu ələ almağı, səni həyatdan razı salmağı bacarmırmışam. Daha doğrusu, mənim həyatı düzəltməyə qabiliyyətim yox imiş. Lakin nə Sara, nə də Mariya səni tanımır, sənin qəlbini, ruhunu, mətanətini, dəmir iradəni olduğu kimi anlamır, onlar səni bir yəhudi, yaxud bir ingilis kimi ölçürlər. Qız yavaş-yavaş öz şikayətlərinə keçdi, öz bacarığından, mənim laqeydliyimdən bəhs etdi. Mən onun dediklərini təsdiq edir və oxşayırdım. Lakin eyni zamanda özümə bəraət qazandırmağı da lazım bilirdim. – Doğrudur, – dedim, – bəlkə də, sizi anlamayanlar bu kimi zənlərdə bulunar. Lakin belə deyildir, sevgi ilahəsi! Sənin kimi qızlara az-az təsadüf olunur, mənə gəldikdə isə soyuqqanlı deyil, səbirli və mətanətli olmağı sevirəm, çünki həyat qurmaq üçün vaxt lazımdır. Tədrici sevgi daha sevimli olar. Qız bir ah çəkərək yanındakı şərab piyaləsini qaldırıb bir az içdi, onun gözləri tam mənası ilə bir sərxoş gözünə bənzəyirdi. Mən onu danışdırmaq məqsədilə: – Gözəl mələyim, heç yeni bir xəbər varmı? – deyə soruşdum. Qız sərxoş gözlərini gözümə dikərək: – Səni sevindirəcək bir yenilik yoxdur, – dedi. Artıq Hanna dodaqlarını dodaqlarıma toxunduracaq dərəcədə mənə yaxın idi. Əlində soyduğu almadan bir parça mənim dodaqlarıma gətirib dedi: – Bu günlərdə böyük hadisələr gözlənir, çar ordusu nəzmiyyəni tərksilah etdirəcək, şəhərə ultimatum verib silahları istəyəcəkdir. Çar siyasəti əleyhinə işləyənlər həbs ediləcəkdir. Qız şərabdan bir udum da içdi, mənə də içirtdi və sözünə davam edərək: – Sən mənə inanmırsanmı? – soruşdu. – İnanıram. Hannam, inanıram! Lakin təəccüb edirəm, – dedim. – Bu kimi xəbərləri rusların ürəyindən qoparıb Amerika konsulxanasına gətirən adam nə qədər cürətli adamdır. – Doğrudur, Amerika dolları çox bacarıqlıdır. O heç qorxmaz, heç bir çətinliyin qarşısında başını əyməz! Sən onu bilməlisən ki, konsulxanaların hamısında bu alış-veriş vardır. Rus konsulunun şifrəçisi Sergey Vasilyeviç yeddi hökumətin konsulxanasından maaş alır. Çox təəccüb etmə, belələri konsulxanaların hamısında vardır. Ona görə də sirlər açılmır, çünki konsulxanalarda casusların hamısı bir-birini tanıyır, bir-birinin sirrini açmır. Kim bilir? Bəlkə, bizim Amerika konsulxanasında da belələri çoxdur. Diplomatlar bunsuz yaşamaz, konsul konsulun axşam nə etdiyini bilməzsə, öz səfirinə xəbər verməzsə, o, mahir diplomat hesab edilməz. Bir şey varsa, o da şeytanlıq, casusluq və xəfiyyəçilikdir. Qız artıq nəşələnmişdi, içir və oxuyurdu. Nəhayət, yenə söhbəti ailə həyatı qurmaq əməlləri ilə düyünləməyə başladı. Mən onu sakit etmək üçün: – Biz artıq birimiz digərimizi öyrənməkdəyik, sevgimizi əsaslandıracaq ünsürlər də doğmaqdadır. Sən də, mən də özbaşımıza deyilik, ailə başçılarının rizası əldə edilincə, bizim həyatımız müəyyən çərçivəyə girəcəkdir. Qız qalxdı və mənim əllərimdən tutub ayağa qaldırdı: – Dur gəl, – dedi, – ailə başçılarının rizasını əldə etdiyimə dair vəsiqəni sənə göstərim. Qız bağlı bir şkafı açdı, üzərində insan kəlləsi şəkli olan kiçik bir şüşə çıxardı, mən onun zəhər olduğunu anladım, özümü bilməməzliyə vuraraq: – Əcəba, bu şüşənin içərisindəki nədir? – deyə soruşdum. – Bu, dərmandır. Bu, insana həyatında bir kərə lazım olur, – deyə qızın başı gicəldi, hələ dərman əlində idi, mən onu gətirib yerində oturtdum. Şüşəni əlindən aldım, qız başını çiynimdən qaldıraraq dedi: – Bu dərman ailə başçılarının inadına, övladların sevgisi ilə hesablaşmamalarına cavabdır, – deyə birdən-birə şüşəni məndən alıb açmağa başladı, mən onun nazik əllərini tutub öpdüm, şüşəni cibimə qoydum, qız hıçqıraraq ağlamağa başladı. Səsinə ixtiyar qadın yatağından qalxıb gəldi, o da qıza baxaraq ağladı, iki əlləri ilə başını tutdu və məni qandırmağa başladı: – Bu gün evlərindən məktub almışdır. Məktubu alan kimi ağladı, sonra məni şərab aldırmağa göndərdi, bu, birinci hadisədir, – dedi. Mən miss Hannaya bir az su içirdim. Yenə də masanın başında oturub oxşadım. Əlimi saçlarında, vücudunda gəzdirdim. O mənim boynuma sarıldı və: – Onu ver mənə! – deyə bir daha ağladı. – Sən ağıllı qızsan, yaşamaq lazımdır. Sən mənim üçün də yaşamalısan, sən özün bu fikirdə deyilmi idin? Mən onun əllərini oxşayıb, saçlarını alnından kənara çəkməkdə davam etdikcə, o da ağlayıb və gözünün yaşları ilə yaxalığımı islatmaqda idi. Heç şübhə yoxdur ki, qız öz ailəsindən ümidsizliyinə səbəb olacaq bir məktub almışdı. Yəqin ki, amerikalı qızın atası, anası onun bir iranlı ilə evlənməsinə razı olmamışdılar. – Gözəl Hanna, – dedim, – səbir et, həyatdan səadətlər gözləməlisən. Gəncsən... Bəlkə də, gələcək sənin ümidlərini qıran mənələri aralıqdan qaldıracaqdır... Qız qoynundan bir məktub çıxarıb açdı, bir az əvvəlindən, bir az da ayağından büküb aralıqdan bir neçə sətrini oxudu: «Sənə hörmət bəsləyən, sənin varlığını müdafiə edən Əbülhəsən bəyə səmimi salamlarımızı söylərsən. Lakin Hanna, onu da bilməlisən ki, hörmətə qarşı sevgi deyil, hörmət lazımdır. O hörməti sevmək dərəcəsinə çatdırmaq bir amerikalı qıza yaraşan vəzifə deyildir...» Qız məktubu oxuduqdan sonra masanın üzərinə atdı və: – Onların vəzifəsi bitmişdir. Mən özüm həyatı qurmağı bacarıram, – dedi. Həzrət Sahib məscidinin minarəsindəki azançı, «həyyə ələssəlat» deyərək təbrizliləri yuxudan qaldırdıqda miss Hanna da başı çiynimdə olaraq uyumuşdu. Mən onun rahatlığını pozmamaq üçün çox oturdum, günəş əlvan şüşəli Şərq pəncərəsindən düşərək, otağın içərisini bəzəyincəyə qədər oturdum. Qızı ancaq günəşin gözqamaşdırıcı şüaları yuxudan oyandıra bildi. O ancaq bunu dedi: – Əfv et, səni rahatsız etdim. * * * Rus konsulunun ziyafətində İllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə: – Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər. Buna baxmayaraq, mən Ninadan rus konsulxanasına getməməyi və o cəmiyyətin sırasında bulunmamağı rica etmişdim. Bu gün konsulun faytonu gələcək və bizi ziyafətə aparacaq idi. Bəhanə və üzr gətirmək mümkün deyildi. Konsulun şübhəsini qazandırmamaq üçün getməkdən başqa çarəmiz yox idi. Axşam saat doqquzda fayton gəldi və bizi apardı. Konsul özü, arvadı, böyük qızı, sərdar Rəşid, onun arvadı İraida, Abşeron alayının komandanı Smirnov, onun arvadı Mahru xanım salonun qapısında durub bizi gözləyirdi. Biz içəri girərkən konsulun xüsusi orkestrini idarə edən dirijorun əlindəki nazik ağac hərəkətə gəldi, bizi musiqi tərənnümləri ilə qəbul etdilər. Sanki Ninanın haqqımdakı təriflərini yoxlamağa çalışırdılar. Konsulun qızı və arvadı məndən göz çəkməyirdi. Ziyafətdə yüksək rütbəli çar zabitlərindən də bir neçəsi var idi. Sərdar Rəşid olduqca məhzun idi. Bütün hərəkətləri adi və saxta görünürdü. Konsulun özünün də sərdar Rəşid ilə sıxı əlaqədə olmadığı bəlli olurdu. İraidanın qaşqabağı öz yerində deyildi. Şübhəsizdir ki, bu da sərdar Rəşidin məhzunluğu ilə əlaqədardı. Smirnov Mahrunun qoluna girib böyük salonu gəzməyə dəvət edirdi, lakin Mahru onunla getmədi, Ninanın və İraidanın yanına gəldi. Sərdar Rəşidin kefsiz olduğunu Ninaya söylədikdə, o da bunu təsdiq etdi və «mən bu saat öyrənərəm» deyə qalxdı, konsulun arvadı və qızı ilə bir az gəzdikdən sonra hara isə çıxıb getdilər. Mən təkcə oturmuşdum, Mahru da gəlib yanımda oturdu. Smirnov da iki dəfə gəlib yanımızda oturmaq istədi, lakin divanda yer olmadığından otura bilməyib uzaqlaşdı. Mahru mənə bir az da yaxınlaşdı: – Sabah yox, birisi gün işə başlayacaqlar, özünüzü gözləyin. Ehtiyatlı olun, – deyə yavaşca pıçıldadı. – Cinayətin başında mənim bədbəxt ərim durmaqdadır. Bu kağızı al, gizlət! Oxuyandan sonra tələf et, – deyə Mahru mənə bir kağız verdi, sözünə davam edərək: – Ehtiyatlı olun, qohum-qardaşınıza da xəbər verin, – dedi. Mən Mahruya inanmamaqda haqlı deyildim, çünki onun mənə gətirdiyi xəbəri, miss Hanna və Nina da gətirmişdi. Nina qayıdıb gəldi, əlində üç qızılgül gətirdi, birisini mənim, birisinin Mahrunun yaxasına sancdı, üçüncüsünü aparıb Smirnovun yaxasına taxmaq istədikdə Mahru mane oldu, qızılgülü alıb Ninanın yaxasına sancdı. Mahrunun bu hərəkəti, onun Smirnovdan soyuduğuna bir işarə idi. Mahru ayağa durmaq istəmirdi, nəhayət, müxtəlif bəhanələrlə Smirnov onu mənim yanımdan qaldırıb apardı. Nina yanımda oturaraq dedi: – Bu gecə tarixi bir gecədir, – Ninanın gözlərində sanki alovlar parlayırdı. – Bu gecə İraidanın həyatında ilk düşkünlük başlamaqdadır. Bu gecə sərdar Rəşidin Azərbaycan general-qubernatoru təyin edilməsi təxirə düşür. – Nə üçün? – deyə yavaşca soruşdum, – başqa namizəd vardırmı? – Vardır, vəziyyət ciddidir. Nüfuzlu bir qubernator lazımdır. Onu konsul hazırlamışdır. O adamın nüfuzu və qüvvəti vardır, özü də sərdar Rəşiddən daha artıq çar tərəfdarıdır. Bu gecə o zatın özü də bu ziyafətdə iştirak edəcəkdir. – Kimdir? – deyə yenə də soruşdum. – Ziyafətə gəldikdə görüb tanıyarıq, onun Azərbaycan general-qubernatoru olmasını cənab Sablin və cənab Sazonov da məsləhət görmüşdür. – Bəs sərdar Rəşid nə vəzifə daşıyacaqdır? – O, qubernator müavini vəzifəsində qalacaq və gələcəkdə qubernatoru əvəz edəcəkdir. Çünki o, Rusiyanın «Oryol» nişanını daşıyır. – Doğrudan da, tarixi bir gecədir! – deyə rusların ilhaq siyasəti apardıqları haqqında düşünməyə başladım. – Bu gecə daha başqa yeniliklər vardır, – deyə Nina əlavə etdi, – Osmanlı konsulxanası heyətindən başqa bütün dövlətlərin konsulxana məmurları bu ziyafətdə iştirak edəcəkdir. Bu sözü eşitdikdə ürəyim döyündü, miss Hannanın da bu ziyafətə gələcəyini yəqin edərək, onunla olan əlaqəmdən Ninanın xəbər tutacağından qorxdum. Mən ömrümdə ilk dəfə idi ki, müqəddəratımı taleyin əlinə verdim: – Qoy nə olacaq olsun, – dedim. İngiltərə konsulunun və konsulxana heyətinin gəldiyini xəbər verdilər. Onları təntənəli musiqi tərənnümləri ilə qarşıladılar. Bunlarla tanış olduqdan sonra Nina, üzü uzunsov və arıq, boynunun, üzünün yoğun damarları göy rəngli qaytana bənzəyən, bığları, saqqalı qırxıq bir ingilisi mənə göstərib dedi: – Bu, mister Tomsondur, İngiltərə konsulxanasında gizli işlər müdiridir. Ayda rus konsulxanasında min manat qızıl pul alır, rus konsulxanasına lazım olan gizlin məlumatları satır, şübhəsiz ki, o da bizim Sergey Vasiliç kimi bir Rusiyaya deyil, bütün dövlətlərə satılır. Mən yaxşı diqqət verdim, o hamıdan artıq Sergey Vasiliç ilə səmimi davranırdı. Almaniya konsulu və həmkarları gəldi və tam bir təntənə ilə qəbul olundular. Tanış oldular. Nina gödək və meymunla heç fərqi olmayan bir almanı mənə göstərərək dedi: – Bu qoca alman baron Rozendir. Bu da çarın Almaniya konsulxanasında işləyən adamlarındandır. Təəccüblü burasıdır ki, baron Rozen də gedib Sergey Vasiliç və Tomsonun dəstəsinə qoşuldu. Bir azdan sonra Avstriya konsulu öz məşhur işçiləri ilə gəldi. Nina yenə də Get adlı bir avstriyalını göstərib, çar casusu olduğunu söylədi. Fransa konsulunun yanında gələnlərdən də müsyö Jülbert adlı birini göstərib Rusiyanın Fransa konsulxanası casusu olduğunu anlatdı. Mənim gözüm yolda qalmışdı. Amerika konsulxana heyəti çox gec gəldi. «Yaxşı oldu, gəlmədilər» deyə düşünürkən amerikalıların gəldiyini xəbər verdilər. Konsul özü gəlməmişdi, xəstəliyi davam edirmiş. Mister Frikson, qadını Sara, bir də miss Hanna gəlmişdi. Bunlar içəri girərkən mən, Smirnov, sərdar Rəşid, İraida, Mahru və Nina bir qrup düzəldib salonda gəzişirdik. Biz bunlarla tanış olduqda miss Hanna əlini mənə uzatdı, sıxdı, əlimi qeyri-adi bir surətdə sıxdığını ancaq mən özüm hiss etdim. Hanna mənimlə tanış olduğunu heç kəsə bildirmədən bir yabançı kimi davranırdı. Qəlbim sakit olmuşdu. İndi artıq başqa bir şey düşünürdüm. – İki nəfərin (Frikson və Hanna) hansı birisi çar casusudur? – deyə Ninaya müraciət etdikdə o: – Qız dünyanın haramzadasıdır, – dedi, – bunun üçün də gizli işlərin başındakı işçini götürüb bunu təyin etmişlər. Lakin Friksonun həm özü, həm də arvadı Sara rus casusudur, – dedi. Qadınlar bir tərəfə, kişilər isə başqa bir tərəfə ayrılmışdı. Bir tərəfdə Tomson, Sergey Vasiliç, baron Rozen, Jülbert, Frikson, Sara kimi imperialist dövlətlərinin altunlarına bağlanmış casuslar, digər tərəfdə isə Nina, miss Hanna, Mahru kimi qadınlar və qızlar durmuşdu. Salondakılar sanki mühüm bir adamı gözləyirdilər. Çox intizardan sonra o gəldi. O, Hacı Səməd xan Şücaüddövlə idi. Başında mahuddan tikilmiş nazik börk, başının arası qırxıq, yoğun, uzun, sallaq, ağbığlı, 60, bəlkə, daha da artıq yaşlarında bir adam idi. Rus konsulu onun qolundan tutub konsullara təqdim etdi. İngiltərə konsulu Şücaüddövlənin əlini sıxdı. Hacı Səməd xan Şücaüddövləyə göstərilən bu hörmət nə İraidaya, nə də onun əri sərdar Rəşidə xoş gəldi, lakin buna baxmayaraq, sərdar Rəşid Hacı Səməd xana yaltaqlanmağa başlamışdı. Çar konsulu qonaqları şam süfrəsi başına dəvət etdi. İngiltərə konsulu rus konsulunun xanımı ilə, ingilis konsulunun xanımı isə rus konsulu ilə yan-yana oturmuşdu. Bütün konsulların özləri və xanımları bu nisbətlə əyləşdirilmişdi. Hacı Səməd xan yuxarı başda, onun yanında İraida, İraidanın yanında sərdar Rəşid, onun yanında bacısı Mahru və Smirnov oturmuşdu. Mən masanın bu tərəfində, üçüncü yerdə, bir yanımda miss Hanna, bu biri yanımda Friksonun arvadı Sara, onun yanında da əri Frikson, bundan aşağı Nina və Avstriya konsulunun baş katibi oturmuşduq. Gizli şöbə müdirləri yenə də şübhəli bir tərzdə bir-birinin yanında düzülüb oturmuşdular. Çar konsulu Belyayev şərab qədəhini götürüb ayağa qalxdı və: – İran istiqlalına, İranın rahat və asayişlə yaşamasına çalışarkən, böyük Rusiyaya yardım göstərəcək etibarlı zatlardan birincisi də hazırda bizim süfrəmizi müzəyyən buyuran Şücaüddövlə cənablarıdır; bu qədəhi bizim səmimi dostumuz Şücaüddövlənin şərəfinə içməyi tövsiyə edirəm, deyə Səməd xanı təbrik etdi. Qədəhlər qalxdı, süfrə başındakıların hamısı içdi. Səməd xanın tosta veriləcək cavabını tərcümə edən olmadığından konsul mənə müraciətlə: – Həşəmətli cənabın buyurduqlarını lütfən ruscaya tərcümə edin, – dedi. Mən tərcümə etdim: – Mən şəxsən mənafeyi müştərək olan Rusiya və İranın dostanə yaşaması uğrunda çalışanların ən birincisiyəm. Bu dostluğu pozacaq hadisələr baş vermiş və dostluğun davamı yolunda əngəl törədən əclaflar olmuşsa da, mən onlarla daim mübarizə aparmışam. Əlahəzrət çarın himayəsini İran üzərində möhkəm etmək üçün 7-ci illərdən bəri çalışmışam. Zənnimcə, yenə də mübarizə üçün qüvvətim vardır. Yenə də o dostluğun möhkəm olması uğrunda fədakarlıq göstərəcəyəm. Mənim şərəfimə içən cənabların, xüsusən süfrə başında oturan xanımların hamısına təşəkkür edirəm. Tərcümədən konsul çox razı qaldı. Deyəsən, ingilis konsulu Səməd xanın nitqindən o qədər də razı deyildi. Çünki o, İngiltərə haqqında heç bir söz söyləməmişdi. Konsul ikinci piyaləsini doldurub süfrədə oturanlardan icazə istədi. – Burada iki xanım oturmuşdur. Onlardan birisi bizim səmimi dostumuz sərdar Rəşidin xanımı İraida, digəri isə cənab Miralay Aleksandr Smirnovun xanımı Mahru xanımdır. Bu iki xanımın vasitəsilə Şərqə Avropa mədəniyyəti girməyə başlamışdır. Bundan əlavə, bu iki qadının izdivacı Peterburq ilə Təbriz arasında qırılmaz və sarsılmaz bir dostluq rabitəsi yaratmışdır. Mən bu qədəhi İraida və Mahru xanımların özlərinin və ərlərinin şərəfinə qaldırmağı təklif edirəm, – dedi. Yenə də qədəhlər qaldırıldı. İçdilər, sərdar Rəşid də söz alaraq Hacı Səməd xan kimi yaltaqlıq etdi. Smirnov da danışıb Şərqi təriflədi. Çar konsulu piyaləsini qaldırıb: – Yerli tacirlərdən Əbülhəsən bəyin şərəfinə içməliyəm, – dedi. Şərəfimə içdikdən sonra cavab vermək növbəsi mənim idi. Mən: – İcazə verəydiniz, bir neçə kəlmə danışmaq istərdim, – dedim. Konsulun icazəsindən sonra tamamilə Təbriz taciri dilində danışmağa başlayaraq: – Cənabların adsız-sansız bir tacirin sağlığına qədəh qaldırması, doğrudan da, əlahəzrət Rusiya imperatorunun İranda təqib etdiyi dostluq siyasətinin canlı bir nümunəsidir, – dedim. Bu sözlərimi təqib edərək Hacı Şücaüddövlə Səməd xan: – Bərəkallah oğlum! – dedi və gözlərini mənim ağzıma dikdi. Mən yenə də sözümə davam edərək dedim: – Bizim sərkarımız, başımızın sahibi olan həzrət Əşrəf Hacı Şücaüddövlə cənablarının fərmayişinə əlavə olaraq, həzrət Əşrəfin öz icazəsi ilə söyləyə bilərəm ki, birinci növbədə bizə lazım olan bir məsələ varsa, o da İranda sülh və salaməti, əmin-amanlığı bərpa etməkdən ibarətdir. Buna görə də istər əlahəzrət imperatorun konsulxanası, istərsə imperator konsulxanasına öz yardım əlini uzadan Şücaüddövlə həzrətlərini təbrik etməmək qabil deyildir. Ancaq cənubda əlahəzrət İngiltərə kralı, şimalda isə əlahəzrət Rusiya imperatorunun himayəsi altında olaraq biz tacirlər öz ticarətimizi inkişaf etdirə biləcək və iranlılar da bu sayədə öz istiqlalını qura biləcəkdir. Buna görə qarşımda əyləşən böyük dövlətlərin nümayəndələrinə, xüsusən həzrəti Əşrəf Hacı Şücaüddövlə cənablarına, elə də həzrət Əşrəfin müqəddəs əqidəsini daşıyan sərdar Rəşid cənablarına öz səmimi təşəkkürümü təqdim edirəm, – deyə sözümü bitirdim. Nitqim olduqca böyük bir təsir bağışladı. Səməd xan ayağa qalxıb alnımdan öpdü, mən də onun əlindən öpərək əllərimi döşümə qoymaqla qarşısında durdum. O: – Sabah yanıma təşrif gətirərsiniz, – dedi və oturmağıma icazə verdi. Oturdum. Nina mənə baxır, gülümsəyirdi, miss Hanna isə yavaşca: – Siz bir tacir olmaqdan əvvəl natiqsiniz də. Hər şeyi bacarır, ancaq sevməyi bacarmırsınız, – dedi. Miss Hanna çox uzun danışa bilmədi, çünki başqa şərəflərə içilməyə başlanmışdı. Xüsusən İraida sərdar Rəşidi təqdir etdiyim üçün nitqimdən çox razı qalmışdı. Miss Hanna vaxtının çoxunu mənimlə söhbətdə keçirirdi, bu da Ninanın diqqətini cəlb edirdi. Lakin musiqi miss Hannanın sözlərinin eşidilməsinə imkan vermirdi. Yemək gecə saat ikidə bitdi, yeməkdən sonra yenə də söhbət davam etdi. Xüsusən Səməd xanla konsulun söhbəti bitmirdi. Saat üçdə qonaqlar getməyə başladı. Amerikalılar hamıdan əvvəl getdi. Biz Səməd xanı orada qoyaraq çıxdıq. Vidalaşdıqda Səməd xan yenə də: – Sabah yanıma gələrsiniz, – dedi. – Rusiya səfərim baş tutmasa, xidmətinizə yetişərəm, – dedim. * * * Döyüş günləri Məhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər. – Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi. Sahibüləmr məscidinin içərisində, həyətində, meydanda kütlələri yarıb keçmək mümkün deyildi. Ümumiyyətlə, Məhərrəm ayında İran xalqı bütün işlərini buraxıb gününü məscidlərdə keçirməyi adət etmişdir. Belə bir vaxtda çar diplomatları qorxulu bir işə iqdam etmişdi. Çarın siyasəti, fəqət bir qabalıqdan ibarət olduğu kimi, Təbriz camaatını sakit etmək və İranı müstəmləkə halına gətirmək işində də qabalıq göstərməyə başladı. Bu qabalıq, xüsusən evlərə soxulmaq, qadınları aparmaq, küçələrdə qadınların üzünü açıb baxmaq nəticəsində olaraq qanlı bir hadisə ilə qurtaracaq idi. Çar diplomatları sanki Şərqin adət və ənənəsini tanımayır və tanımaq da istəmirdi. Təbrizdəki çar ordusu rus xalqını əsrlərcə əzmiş olan tatar ölkələrində olduğu kimi, Təbrizdə də rastına keçəni döyür, xalqın namus və hüququnu tapdalayır, hətta Şərqdə hörmətli sayılan simaları belə küçələrdə tutub əyləncə aləti qayırırdı. Şübhəsizdir ki, bu qabalıq nəticəsində Təbriz xalqı çar ordusu ilə üz-üzə gələcək və nəticədə Təbriz qaba hərəkətdə bulunan çar diplomatları ilə hesablaşacaq, daha açığı, qətl-am məsələsini qoyacaq idi. Mən silahlı üsyana qalxmaq işində məzəmmətlər alacağımı göz önünə alsam da, yuxarıdakı mülahizələr səbəbinə silahlı çıxışa razılıq verirdim. Çünki bununla da həm İran kəndlisi, İran yoxsulları silahlı çıxışın nə olduğunu görər, onu öyrənər, eyni zamanda da çar diplomatları da Təbrizdə inqilab duyğusunun əvvəlkindən daha artıq kök saldığını anlamış olardı. Bu mülahizələrlə də biz silahlı üsyan çıxışını olduqca mütəşəkkil, olduqca da ümidverici bir şəkildə düzəltmişdik. Ruslara qarşı qoyulan qüvvə isə dörd min adamdan ibarət bir qüvvə idi. Bunlardan 2500-ü rus beşaçılanı, qalanları isə Almaniya mauzer tüfəngləri ilə silahlanmışdı. Bundan əlavə, silahlı qüvvənin ixtiyarında yarım milyona qədər patron, 1500 rus nağan tapançası, beş yüz əl bombası, dinamitlər, barıtlar və sairələr də var idi. Miqdarın azlığına baxmayaraq, qələbənin yerli və silahlı qüvvənin tərəfində olacağı şübhəsiz idi, çünki bir üsyan zühurunda kütlələr də çar ordusunun əleyhinə qalxacaq idi. Biz bu gecəni yatmamışdıq, mən axşam saat doqquzda Nina ilə vidalaşıb evdən çıxmışdım. Gecə ikən silahlı qüvvələrin yerləşdiyi evləri gözdən keçirdik. Əli Müsyönün oğulları, Rus–İran məktəbinin təlim almış şagirdləri ilə bərabər Saman meydanı ətrafında yerləşmişdi, bunların başında Rus–İran məktəbinin müəllimi Əkbər Əkbərov yoldaş dururdu. Əmir Heşmət 1500 nəfərlə erməni məhəllərində, Əsgər Miskin beş yüz nəfərlik bir qüvvə ilə konsulxananın ətrafındakı evlərdə, İbrahim bəy Cahangirov, mən, bir də başqa qafqazlılar, təbrizlilərdən isə Hacı Hüseyn Şahzadə bağı ətrafında yerləşmişdik. Bura ən qorxulu, ən də mühüm bir yerdi, çünki burada olan qüvvə çar ordusunun mərkəzi olan Şahzadə bağı ilə şəhərdə olan çar qoşun dəstələrinin rabitəsinə mane olmalı idi. İxtiyarımızda olan beş yüz bombanı dörd hissəyə təqsim etmişdik, onlardan iki yüzü mənim, iki yüzü Əmir Heşmətin, əllisi Əkbər Əkbərovun, əllisi də konsulxana ətrafında yerləşən Əsgər Miskinin ixtiyarında idi. Bu gün gürcü yoldaşların yeri boş idi, çünki bombaatanlar səkkiz nəfər olduğundan çox az idi. Bombaçılar Həsənağa, Tütünçüoğlu, Qərə Məlikli Süleyman, bir də dörd nəfər xalça fabriki işçilərindən idi. Bunları bomba atmağa 9-cu ildə biz öyrətmişdik. Səhər saat səkkizdən başlamış piyada, tüfəngli və ətəklərini kəmərlərinə taxmış kazaklar şəhərə çıxırdı. Çar qoşununun şəhər içərisinə girməsinə imkan vermək bütün cəbhələrə tapşırılmışdı. Üsyan başlandıqda çar ordusunun şəhər içərisində çəkdiyi telefon xəttindən istifadə ediləcəkdi, müharibə başlanar-başlanmaz rus ordusunun telefonları kəsilib üsyançılar cəbhəsi ilə rabitə saxlayacaq idi. Bunun üçün də vaxt ikən və müəyyən yerlərdə adamlar və aparatlar hazırlanmışdı. Saat doqquzda dörd min beş yüzə qədər rus qoşununun şəhər içərisinə yayıldığı xəbərini aldıq. Qoşun hissələri öz zabitlərinin komandası altında olaraq bütün şəhərdən xaric olacaq bəndələri işğal edir və gəlib-gedənləri saxlayıb, axtarırdılar. Bunların mühüm hərəkatı nəzmiyyənin ətrafında idi. Lakin nəzmiyyə boş idi, bütün nəzmiyyə nəfərləri ayaq üstündə idi. Atışma səsi birinci olaraq erməni tərəflərində başlandı. Şəhər bir anda dəhşətli gurultular içərisində qaldı, Saman meydanı, konsulxana ətrafında da bu gurultular eşidildi. Beş dəqiqədən sonra çar ordusunun telefonları üsyançı inqilabçılara xidmət etməyə başladı. Birinci olaraq Əmir Heşmətlə danışdım. O məni çağıraraq: – Şahzadə bağından metralyoz gətirilməsinə imkan verməyin. Küçələr düzdür, tələfatımız çox olar, – dedi. – Mümkün olduqca buraxmarıq. Başıpozuqların vuruşmaya buraxılmasına imkan verməyin. Onlar tez qaça bilər və başıpozuqluq törədər. Onları rusların arxasına keçmək və şaşırmaq üçün dar küçələrə göndər, – dedim. İkinci xəbəri Əkbər Əkbərov yoldaşdan aldım, o: – Məktəb tələbələri öyrənmiş soldatlar kimi vuruşurlar, dörd hücum qaytarmışıq, bomba ilə üç zabit öldürülmüşdür, – dedikdə Həsənağa gəlib məni aparatdan çağırdı və Şahzadə bağından metralyozlarla qoşun çıxarıldığını xəbər verdi. Küçələrdə bizim adamlardan bir kəs də olsa, görünmürdü, biz damların arxasında, xam kərpicdən tikilmiş pilləkən başlarında və başqa-başqa gizli yerlərdə yerləşmişdik. Dörd metralyoz lentləri və sair şeyləri ilə bərabər yüz nəfər atlı kazak Şahzadə bağından çıxıb sürətlə gəlirdilər. Yanımda Quzu Qurban adlı inadkar bir gənc durmuşdu. – Bir bomba ver! – dedim. O, bir böyük bolqar bombası gətirdi. Onu geri qaytarıb Təbrizdə düzəldilmiş bombalardan istədim, iki bomba gətirdi, birisini ona tapşırdım, digərini isə gözdən keçirdikdən sonra kazakların yürüdükləri yeri nişan aldım. Bomba cəhənnəm qiyaməti qopardı, onun səsini iki ildən bəri eşitmədiyimdən böyük bir nəşə aldım. Toz Təbriz dünyasını bürümüşdü, tozun yatmasını gözləmədim, çünki kazakların tozdan istifadə ilə metralyozları şəhərə keçirə bilməsinə ehtimal var idi. İkinci bombanı da atdım, bombanın hədəfindən eşitdiyim at və insan iniltilərindən kazakların birinci bombanın tüstü və tozundan istifadə ilə metralyozları keçirib şəhərə aparmaq istədikləri məlum oldu. Şiddətli tüfəng atışmaları başladı, toz yatmışdı, kazaklar bizi görmür, biz isə onları görür və hərəkətlərinə mane olurduq. Üçüncü bombanı Həsənağa atmışdı. Bağdan çıxan qoşun dəstələri bizim qarşımızdan keçə bilmədiklərindən istiqamətlərini dəyişərək, dar küçələrdən keçmək istəyirdi. Bunlar da Həsənağanın bombasına rast gəldi. Bizim cəbhəmizdə vuruşma yavaş-yavaş şiddət kəsb edirdi, ruslar yarım saatın içərisində Şahzadə bağının qabağında böyük istehkam düzəltməyə başladı. Onlar ortalıqda qalmış metralyozları geri qaytarmaq üçün beş kərə hücum etdilərsə də, müvəffəq ola bilmədilər. Bundan sonra onlar metralyozları nişan alıb dağıtmaq və onu bizə verməmək üçün saatlarca çalışdılar, vuruşdularsa, yenə də mümkün olmadı. Bizimkilər kəmənd atıb metralyozları evlərə çəkdilər. Ruslar bağda olan toplardan istifadə etmədilər, çünki üsyan qəfildən başlandığı və şəhərdə bir çox ingilis, Amerika, xüsusən rus təbəələri olduğundan şəhəri top atəşinə tutmağa cürət etmədilər. Təbriz ilə bütün dünyanın əlaqəsi kəsilmişdi. Çünki bütün teleqrafları kəsmişdik, ruslar ancaq simsiz teleqraf stansiyasından istifadə edirdi. Məni telefona çağırdılar, çağıran Əmir Heşmət idi. O: – Min nəfərdən artıq kazak və piyada soldat qırılmışdır. Müharibə davam edir, mövqeyimiz yaxşıdır, – dedi. Bundan sonra mən Əsgər Miskini və Əkbər yoldaşı telefona çağırdım, orada da rusların tamamilə müharsirəyə düşdüyü xəbərini verdilər. Həmin gecəni olduğumuz yerdə keçirdik, bir tərəfə hərəkət etmək mümkün deyildi, atışma səhərə qədər davam etdi. Bağdakı ruslar şəhər içindəki qoşun dəstələrini qurtarmaq üçün səhərə qədər vuruşdular. Gecə səhərə qədər Şahzadə bağından olan bir neçə hücumu qaytardıq. Mən və Həsənağa doxsan bomba atmışdıq, yorğunluqdan qollarımızı qaldıra bilmirdik... Yeməyimiz-içməyimiz, tədarükümüz hamısı vaxtında hazır olduğundan heç ehtiyac hiss edilmirdi. Gündüz saat doqquzda yenə də şiddətli atışma başlandı və axşama qədər davam etdi. Axşam saat altıda Şahzadə bağından musiqi səsləri eşidildi. Bunun dalınca da «ura», «ura» səsləri də gəldikdə mən yanımda olan adamlar vasitəsilə bağın ətrafındakı qüvvələrimizin hamısına hazır olmalarını sifariş verdim, çünki «ura» səsləri bağdan güclü qoşun dəstəsi çıxacağını bildirirdi. Beş dəqiqədən sonra Şahzadə bağından Abşeron alayının bayrağı çıxdı və onun altında da alay komandanı Smirnov qısa dəri kürkdə, ağ bir atın üstündə olaraq çıxdı, qoşuna komanda verdi. Qoşun üç hissəyə ayrıldı. Birisi şimal, digəri isə cənub tərəfimizə hücum etdi, həm şimal, həm də cənub tərəfdə şiddətli atışmalar başlandı. Biz şəhərə girən böyük yolun üzərində idik. Verilən təlimata görə, bizim cəbhəmizdən bir qurşun da olsa, atılmırdı. Ruslardan aldığımız pulemyotlardan ikisi şimal və cənubda şiddətli atəş açmışdı. Mən Smirnovu durbin ilə gözdən keçirdim, o da bizim yerləşdiyimiz mövqeləri gözdən keçirməkdə idi. Smirnov bizim mövqelərdəki sakitliyi görüb, bizim cənub və şimal cəbhələrdən toplanıb mərkəzi başlı-başına buraxdığımızı zənn etdi, buna görə də, təxminən, iki yüz süvari ilə şiddətli hücuma başladı. Smirnov yaxınlaşdı, o öz səadətini tapdığı Mahrunun birinci dəfə olaraq pənbə çöhrəsini gördüyü, onun kiçik incə əllərini öpdüyü yerə qədər gəldi. Burada məni ani, fəqət dərin bir düşüncə yaxaladı, mən Smirnovun burada Mahru ilə görüşdüyünü və onun bu barədəki söhbətlərini xatırladım. «Küçə qaranlıqlaşır, azançı minarədə son sözünü deyib bitirmək üzrə idi. Cənnətə bənzəyən Şərq evləri xam kərpicdən qayırılmış çirkli divarların qoynuna girib uyumaq istəyirdi». Mən də Smirnovun bu cümləsini xatırlayırkən, əlimdə böyük bomba ilə düşünürdüm, azançı da azanın son sözünü deməkdə idi. Mən bir kərə: – Azanını bitir! Müstəmləkə Şərqin boynunda imperialist zəncirləri qırmaq üçün sənin azanın deyil, üsyanın qəhqəhə vuran bombası lazımdır. Mənim bu sözlərimdən sonra at ayaqlarının səsi şiddətləndi, bir kərə: «İrəli» səsini eşitdim. Smirnov parlaq qılıncını sıyırıb atının sağ tərəfində tutmuşdu, o, başını yəhərin qaşına tərəf uzadıb atı məhmizləyir və «irəli» deyərək qışqırırdı. Mən əlimi yuxarı qaldıraraq yanıma saldıqda Smirnovun atının ayağı altından bir alov qalxdı, dumanlar, tozlar ətrafı bürüdü. Bir bağırtı eşitdim. Bu, Smirnovun bağırtısı idi. Mən səs gələn tərəfə üç bomba daha hədiyyə etdim. Atların, insanların iniltisi şiddətlə açılan qurşunların səsinə qalib gəlirdi. Müharibə tozlar, dumanlar içərisində gedirdi. Bir saatdan uzun çəkən bu vuruşmada ruslar bir neçə hücum daha etdilərsə, lakin hamısında tələfat verib geri çəkildilər. Bu hücumlar Smirnovun meyitini bağa aparmaq üçün idi, lakin bu, mümkün olmadı, çünki yüzlərcə at və soldat cəmdəklərinin içərisində gizlənən və köksü qatıq sərnici kimi parçalanan Smirnovu tapıb aparmaq çətin idi. * * * Təbrizlilərə müraciət «Təbriz xalqı! Yoxsullar, işçi və kəndlilər, peşəkar, ziyalı və təraqqipərvər ruhanilər! Çar hökumətinin müstəmləkə siyasəti bizi çarın işğal orduları ilə əlbəyaxa olmağa məcbur etdi. Hazırda biz çar soldatları əlində qırılır, öz növbəmizdə biz də onları öldürürük. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan rus soldatları da sizinlə müharibəyə məcburiyyətlə sürülür. Sizi mülkədar, əyan və varlı balaları, çar zabitləri qırdırır. Rus soldatlarını öz sinfinə qarşı çıxaran həbslər və edamlardır. Onlar uzaq Rusiyadan Yaxın Şərqə çar müstəmləkə siyasətini müdafiə üçün gətirilmişlər. Buna görə də siz rus işçi kəndlisinin doğma övladı rus soldatları ilə insan kimi rəftar edib, onların yaralanan və ölənlərinə hörmət göstərin. Onlara öz yaralılarınıza baxan kimi baxın, ölənlərin meyidlərini quyulara tökməkdən saqının! Bu gün silaha sarılaraq inqilabi mübarizəyə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil, rus xalqını da İran yoxsulları ilə birlikdə istismar edən çar hökuməti əleyhinədir. Onların da, bizim də çar hökumətinə qarşı apardığımız mübarizənin məqsədi birdir. Küçələrdə və meydançalarda təsadüf etdiyiniz rus yaralılarına ibtidai yardım veriniz: ölənləri qaldırıb müəyyən yerlərə qoyun, mədəni olun! Hər yerdə, hər işdə bir inqilabçı kimi hərəkət edin. Müvəqqəti hökumət yerini dolandıran və nəzmiyyə rəisi Əmir Heşmət». Belə bir müraciətnaməni buraxmağın böyük səbəbi var idi. Çar konsulu İranda yaşayan əcnəbilər, xüsusən Rusiya konsulxanası ilə heç bir əlaqəsi olmayan Rusiya təbəəsi arasında, iranlılar və eyni zamanda Təbriz inqilabçıları haqqında belə bir fikir hazırlamışdı: «Vəhşi və mədəniyyətsiz təbrizlilər mədəni avropalıları qırmağa və məhv etməyə hazırlaşır». Çar konsulunun avropalılar arasında belə bir şayiə yayması da çox da təəccüblü bir iş deyildi, çünki Şərq ölkələrinə müstəmləkəçilik fikri ilə soxulan bütün Avropa dövlətləri «vəhşi şərqliləri mədəniləşdirmək» və mədəni bəşəriyyəti «vəhşilərə qarşı müdafiə etmək üçün gəlirik» deyərək, istilaçılıq siyasətlərini mədəniyyət sözü arxasında gizlətməyə çalışırlar. Çar konsulu Təbrizdə inqilabçı nəzmiyyəni tərk-silah etmək istəyirdi, həmən yuxarıda göstərilən fitnəkar şüarını aralığa atmaqla müvəffəqiyyət qazanmışdı. Lakin Əmir Heşmətin inqilabçı nəzmiyyəsi özünün buraxdığı müraciətnaməsinə sadiq qaldı. O, bir nəfər də olsa avropalının və xüsusən Təbrizdəki rus xalqının zərər çəkməsinə imkan vermədi. O, sözdə deyil, işdə də göstərdi ki, Təbriz inqilabçısı rus xalqının deyil, rus xalqını qanlı cəbhələrə sürən və bununla da rus kapitalistlərinə yeni bazarlar axtaran Rusiya çarının əleyhinədir. Lakin Əmir Heşmətin nəzmiyyəsi üçgünlük müharibədə öz qarşısında yalnız rus soldatını deyil, çar konsulunun müxtəlif təbəqələrdən təşkil etdiyi könüllü ordunu da gördü. Onlar konsulxana işçiləri, konsulxana ilə əlaqədə olmayan, lakin konsulun Təbrizdə apardığı siyasətə yardımçı ruslar və çar təbəəsi sayılan, lakin rus olmayan şəxslər idi. Konsulxana mütərcimlərindən Mirzə Fətullah xan, konsulxana binasının damında düzəltdiyi səngərdə oturmuş, əlindəki üçaçılan tüfənglə hər gördüyü təbrizlini vurub yıxır və öldürdüklərini sayırdı. Üç gündən bəri bu tüfəngin səsini eşitməyən təbrizli yox idi. Mirzə Fətullah xanın qurbanları arasında bir nəfər də əlisilahlı yox idi, çünki ümumiyyətlə, çarpışma, konsulluqlar yerləşən məhəllələrdən çox uzaqda gedirdi. Mirzə Fətullah xanın öldürdüyü adamlar avam, heç bir siyasətə qoşulmayan, hətta vuruşma gedən sahələrə yaxın düşmək istəməyən təbrizlilər idi; bunların sayı 300 nəfəri keçirdi. Müharibədən sonra bu çar casusu «bir dənə də olsun gülləm boşa çıxmadı», – deyərək fəxr etməkdə idi. Üçgünlük qanlı vuruşmalar çar soldatları və kazaklarının məğlubiyyəti ilə nəticələndi. Çar ordusu üç qola ayrılmışdı: onların bir qolu Şahzadə bağına qapanmış, ikinci qolu darmadağın olmuş, üçüncü qolu isə karvansaralara çəkilərək atışırdı. Çarpışma sakit olar-olmaz, biz buraxdığımız müraciətnamənin nəticəsini yoxladıq və çox təəssüf ediləcək bir hadisənin şahidi olduq. Ölənlərin bir çoxu gizlədilmiş və quyulara tökülmüşdü. Bu xəyanətlə mübarizə aparmaq mümkün deyildi. Çünki bunu edən inqilabçı xalq deyil, yerli burjuaziya, seyidlər və ruhanilər idi. Onlar Təbriz inqilabçılarını vəhşi qələmə vermək siyasətini yürüdən konsulun yanında da üzüqara olmamaq üçün onun göstərişinə əməl etməklə, öz qapıları qarşısında düşən ölüləri götürüb gizlətmişlər. Biz Culfadan İran teleqrafxanası vasitəsilə verilən teleqramda Tiflisdən, Aleksandropol və Yerevandan Təbrizə gələn çar qoşun hissələrinin Araz çayını keçdiyi xəbərini aldıq. Buna görə də vaxt ikən qərara aldığımız üzrə Əmir Heşmətin nəzmiyyə dəstəsi və onunla bərabər bütün rəhbərlərinin Təbrizdən getməsi üçün tədbir tökməyə başladıq və əvvəlcə Təbrizdəki böyük dövlətlərin nümayəndələrinə bir məktub göndərdik. Çünki çar konsulu son hadisələrin məsuliyyətini Təbriz inqilabçılarının üzərinə yıxmağa çalışırdı. Bu məktubla biz istədiyimizə nail ola bilməyəcəkdik, çünki Təbrizdə mühüm rol oynayan konsullardan birisi İngiltərə konsulu idi ki, o da rus konsulunun Təbrizdəki cinayətlərinə şərik idi. Buna baxmayaraq, biz yenə də tarixi bir vəsiqə olmaq üzrə konsullara aşağıdakı məktubu göndərdik: «Böyük Dövlətlərin nümayəndələrinə Çar hökuməti Təbrizdə düzələn nəzmiyyə təşkilatını, müstəqil bir ölkədə düzələn bir təşkilat kimi tanıya bilmədi. Buna görə də nəzmiyyə işlərinə müdaxiləyə başlayaraq nəzmiyyə binasının damından telefon xətti çəkmək bəhanəsilə dörd nəfər nəzmiyyə nəfərini tərk-silah etdirdi. Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. Çünki Tehrandan Təbriz hökuməti başına göndərilən Müxbirüsəltənə, çar müdaxiləsi nəticəsində Təbrizdən getməyə məcbur olduğu və Tehrana qayıtdığı gündən bəri, onun yerində hazırkı nəzmiyyə rəisi Əmir Heşmət oturur. Çar konsulu, Müxbirüsəltənənin azad hərəkət yolunu davam etdirən Əmir Heşməti çəkə bilmədi. Lakin Əmir Heşməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna Müxbirüsəltənənin Təbrizdən qovulması kimi ucuz oturmadı, çar konsulu öz xain siyasəti nəticəsində minlərcə İran yoxsulunun, minlərcə də rus işçi və kəndlisinin məhvinə səbəb oldu. Təbrizlilər, keçmişdə olduğu kimi, bu son hadisə zamanında da, çar müstəmləkəçiliyinin qanlı təcavüzlərini həzm edə bilmədi. İran xalqının əhvali-ruhiyyəsi ilə və azad bir ölkənin istiqlaliyyəti ilə hesablaşmayan çar hökuməti Tehranda olduğu kimi, Təbrizdəki qanlı əməliyyatından dəxi özü üçün müsbət bir nəticə əldə edə bilmədi. Çar konsulxanası yeddinci illərdən başlayaraq İran Azərbaycanında olan bütün əks-inqilabçı qüvvələri öz ətrafına topladı. İrandan qovulmuş Məmmədəli şahı yenidən İrana gətirmək yolunda çalışdı, lakin yenə də məğlub oldu. Dörd ildən bəri əks-inqilab başında duran Hacı Səməd xan Şücaüddövlənin cinayətlərini idarə edən çar konsulluğu neçə aydır ki, ona çar hökumətinin yaylağı Nemətabadda ziyafətlər verir. Hacı Səməd xanın Təbrizə nə məqsədlə gətiriləcəyini əcnəbi dövlətlərin nümayəndələri bilməmiş deyil. Hacı Səməd xanı bir çar general-qubernatoru sifəti ilə Azərbaycan əyalətinə təyin etmək üçün Təbrizdə qanlı bir təbəddülatın yaranması və istiqlaliyyətin son nişanəsi olan nəzmiyyə təşkilatının darmadağın edilməsi lazım idi. Çar konsulu böyük qurbanlar verməsinə baxmayaraq, öz məqsədinə nail oldu, tarixin lənətlərinə layiq olan bir məsuliyyəti öhdəsinə götürməkdən çəkinmədi. Müvəqqəti hökumət yerini dolandıran və nəzmiyyə təşkilatı rəisi Əmir Heşmət. 5 məhərrəm 1328 hicri». * * * Matəmli günlər Mən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar. Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm. Onlar kişi paltarını çıxardıb yuyundular, öz libaslarını geyindilər, sonra da mən libasımı təmizlətdirməyə verdim. Nina və Təhminə xanım onları təmizləməkdə ikən mən də yuyundum. Bir stəkan çayı nə cür içdiyimi bilməmişdim, çünki gecəli-gündüzlü tamam dörd gün idi ki, uyumamışdıq, bir az rahat olmaq lazım idi. Qızlar Ninanın otağından çıxıb öz evlərinə getdikdən sonra bir az rahat olmaq istədim. Aradan bir az zaman keçməmişdi ki, qapının vurulmasını eşidərək yerimdən qalxdım. Ümumi otağa keçdikdə sərdar Rəşidin xidmətçisi Keçəçioğlunu orada oturmuş gördüm. O məni görən kimi ayağa qalxdı və sərdar Rəşid tərəfindən yazılmış məktubu uzatdı. Məktub farsca idi. «Cənab Əbülhəsənbəy! Xudavəndi-təbarəkü təalaya minlərcə şükürlər olsun ki, imperator hökuməti əleyhinə qiyam edən bir dəstə xain sakit oldu, həzrəti-seyidüşşühədanın tam matəminə zərbə vuran xainlər çəkilib, şəhəri başlı-başına buraxdı. Bu hadisələr səbəbinə dayandırdığım imam Hüseyn təziyəsini bu gündən etibarən başlamağa qərar verdim, çünki bizim bu böyük müsibətə əlahiddə bir müsibət də əlavə olundu: vələdəzzina inqilabçılar bizim bədbəxt Mahrunun əri Ağa İsmayılı da öldürmüş. Mərhum Ağa İsmayıl İskəndərzadənin qanı da məhərrəm sahibinin qanına qarışdı. Çox təvəqqə edirəm ki, Nina xanımı da alıb bizə təşrif gətirəsiniz. İraida xanım onun üçün həddindən artıq rahatsızdır; bəlkə, bu gün mərhumun cənazəsini də götürüb evə gətirdik, onun bizdən başqa bir kəsi yoxdur. Əzizlik etmək və əzizliklə dəfn etmək lazımdır. 5 məhərrəmül-həram 1328 hicri, Rəşid». Təhminə xanımı çağırıb evə göndərdim, özüm üçün hazır etdiyim İran paltarını gətirməsini də sifariş verdim. Nina, Sənubər, Töhfə və Nazenin xanımlara da qara paltar geyinmələrini tövsiyə etdim. Çünki onları da sərdar Rəşidin evinə aparacaq idim. Biz getməyə hazırlaşarkən konsulun faytonu qapıda dayandı. Faytonda gələn iranlı nökər 10 nəfərə himayə vəsiqəsi gətirmişdi. Həsənağa və Tütünçüoğlu da libasını dəyişib gəlmişdi. Himayə vəsiqələrini paylaşdırdıq. Artıq getməyə hazırdıq. Nina və yoldaşları tamamilə qara geyinmiş və başlarına təziyə əlaməti olaraq qara şal örtmüşdülər. Mən də qara libasda, başımda dəri börk, çiynimdə qara əba, əlimdə təsbeh çıxıb sərdar Rəşidin evinə yola düşdük. Sərdar Rəşid bizi çox şadlıqla qəbul etdi və onun birinci sözü bu oldu: – Mən çox məmnun oldum, çünki mənim Təbrizdə qohum-əqrəbam yoxdur. Özümün sizin kimi bir zatla qohum olduğumu bir nemət sayıram. Ağalar və xanımların zəhmət çəkib gəldikləri də mənim başımı uca elədi. Sərdar Rəşid, xüsusən mənim müsəlman libası geydiyim üçün çox razı qaldı, çünki o heç vaxt bunu ümid etmirdi. Nina qızlarla bərabər İraidanın otağına keçdi, biz isə sərdar Rəşid ilə bərabər mərsiyə üçün düzəlmiş salona daxil olduq. Salonda çox adam var idi. Bunların heç biri də sərdar Rəşidin tanışı deyildi. Söhbətlərin məzmunu da onu bildirməkdə idi. Bunlar ancaq çay içmək və qəlyan çəkmək üçün məhərrəmlikdə küçələri dolaşan və qapıda qara bayraq vurulduğunu görüb içəri girən adamlardı. Sərdar Rəşid çox yüksək bir fəxr ilə məni salondakılara təqdim etdi: – Bu cənab bizim aqrabamızdandır. Rus tərbiyəsi almış bir cavandır. Lakin bu, başqaları kimi dinini, məzhəbini atan adam deyil, çünki ağanın tayfası bir nəcib tayfadır. Sərdar Rəşid sonra da Həsənağa və Tütünçüoğlunu tanış verərək: – Öz adamlarımızdır, xanəyeki sayılan dostlarımızdır, – dedi. Əyləşdik, cərgədə oturanlar bizimlə salamlaşmağa başladı. Mən, doğrudan da, bu salamlaşma mərasimindən bir məzhəkə səhnəsindən alınan təsiri aldım. Bu qəribə salamlarda bir dəfə belə olsun salam sözünü eşitmədim. Salamlardan xatırımda ancaq bunları saxlaya bildim. Məsələn: – Ağa, mərhəmətiniz ziyad! – Ağaya bəndəçiliyimiz var! – Qurban şüma! – İltifatınız ziyad. – Ağa təşəkkürümüz var! – Əhval ağa və saire... Səssiz salamlar daha qəribə idi. Onlardan bəziləri əlini döşünə qoyaraq başını mənə tərəf əyirdi, bəzisi də boynunu uzadaraq salamı ancaq gözləri ilə verirdi. Məni hər şeydən artıq maraqlandıran həmin bu gözlə verilən salam idi, çünki bu salam və göz danışması yalnız təbrizliyə məxsusdur. Mən bu göz salamı ustasına çox diqqətlə baxırdım, çünki o, məclisə gələnlərin hamısına gözü ilə salam verirdi. O, boynun çevirib gözləri ilə salam verdiyi zaman gözünün qarası tamamilə yox olurdu. Nəhayət, daha başqa bir tərzlə salam verənlərdən biri məclisdə oturanlardan bir neçəsini gülməyə məcbur etdi. O, salam vermək üçün boynunu irəli verərkən bığının bir tayı aşağı, o biri isə yuxarı qalxdı. Bu salam sərdar Rəşidin özünü də güldürdü. Müxtəsər söz, təziyə məclisi adı ilə düzəlmiş bu oyunxana, mənim ömrümdə gördüyüm bütün oyunxanalardan daha əyləndirici idi. Salam verdikdə burnunu və qulağını tərpədənlər də var idi. Bir neçə dəqiqə də qəlyan xorultuları ilə çay qaşıqlarının səsini dinlədik. Mərsiyə oxumaq üçün çağırılan mərsiyəxanlar növbətlə yuxarı başda qurulmuş kürsüyə dırmanmağa başladı. Mən mərsiyələrin məzmun və mündərəcəsinə diqqət verirdim. Onların mərsiyəsində Kərbəla hadisəsinə dair bir kəlmə belə də olsa danışılmırdı. Birisi Bağdadda Harun ər Rəşidin zindanında can verən qərib imam Museyi-Kazımdan, o birisi Tus şəhərində Məmun xəlifənin zəhərlədiyi qərib imam Rzadan, başqası da qürbət vilayətdə öldürülən Müslüm ibn Əqildən, bir başqası da onun qürbət vilayətdə qohumsuz və qəbiləsiz öldürülən uşaqlarından və sairlərindən mərsiyələr oxuyurdu. Heç şübhə yoxdur ki, bu sifarişləri sərdar Rəşidin özü vermişdi. Qürbət vilayətdə öldürülən Aleksandr Smirnovun ölümünə ithaf olunmuş mərsiyələr bitdi. Mərsiyəxanların hər birisi beş qran pul alıb beş min dua verdikdən sonra çıxıb getdi. Salon boşaldı, İraida, Nina və qızlar salona gəldi. Məhərrəmlik münasibətilə İraida da qara libas geyinmiş və qara şal örtmüşdü. Sərdar Rəşid bir əli ilə Nina və o biri əli ilə də İraidanın qolundan tutaraq həddindən artıq bir fərəhlə mənə söylədi: – Sizə və bəndəyə dünyada bundan da artıq nemət qismət ola bilməzdi. Əgər dünya neməti buyurursunuz, budur bunlardır dünyanın neməti: nəciblikdə nəcib, gözəllikdə bütün dünyada misli görünməyən gözəllər. O ki, qaldı axirət məsələsinə, ağa, buradakı səvab bizim yetmiş arxadan abavü-əcdadımıza bəsdir. Bu iki xanımın islama müşərrəf olmaları bizim əlhəmdullah axirət məsələmizi təmin elədi, bu hadisə həm bizi axirətdə üzüağ elədi, həm də iki Allah bəndəsini haqq yola çağırıb cəhənnəm əzabından xilas elədi. Ağa, siz bir xudavəndi-aləmin qismətinə mültəfit olun. Gör insanı haradan gətirir və kimləri kimlərə qismət edir? Hələ İraida xanımın kəlmeyi-şəhadəti necə gözəl və dürüst öyrəndiyini mülahizə buyurmuş olsanız, daha da mütəəccib olacaqsınız. – Sərdar Rəşid bunu söyləyərək, İraidaya müraciətlə: – Xanım, indi sən öz kəlmeyi-şəhadətini ağaya oxu, qulaq assın, – dedikdə İraida məndən utandı, rəngi qızardı. Bir mənə, bir də Ninaya baxdıqdan sonra kəlmeyi-şəhadətini gətirməyə başladı: – Eşhedi enla ilaxe illallax-vexdexu laşarıqa lax! Mən İraidanın «müsəlmanlığını» təyin edəcək bu kəlmələri eşitdikdən sonra, sərdar Rəşidin əlini sıxdım, istehza etdiyimi gizlətməyə çalışaraq ehtiyatla: – Sizi təbrik edirəm! – dedim. – Bu müvəffəqiyyət hər iki dünyada sizin üçün kifayətdir. Ninaya bıçaq vursaydın qanı çıxmazdı. O, İraidanın keçirdiyi bu gülünc həyatı görürkən təbii halından çıxmağa başlamışdı. Mən onun İraidanı məzəmmət etməyə hazırlaşdığını hiss edən kimi, söhbətin mövzusunu dəyişdim və sərdar Rəşidə belə bir sual verdim: – Çox təəssüf edirəm ki, Mahru xanıma belə bir müsibət üz verdi. Lakin xanımı Şahzadə bağından tamam yığışdırıb gətirmək lazım deyildirmi? Sərdar Rəşid qəmli bir surətdə cavab verdi: – Bəndənin fikrinə görə, onu yığışdırıb evə gətirmək hələ tezdir. Adətimiz üzrə mərhum Ağa İsmayılın ölümündən qırx gün keçəndən sonra Mahru yığışıb evə gəlməlidir. Mənim eşitdiyimə görə, ruslarda da belə bir adət var imiş, lakin mən qızı başa sala bilmədim, o, sifariş göndərib ki, burada qala bilmirəm. Burada soldatlardan və zabitlərdən başqa bir kəs yoxdur. Naəlac qaldım. Onu gətirmək üçün fayton göndərmişəm. Mahrunun bağdan yığışıb gəlmək xəbəri mənə də, Ninaya da çox təsir etdi. Mahrunun mənə qarşı nə kimi vəziyyət alacağı, doğrudan da, bir az əngəlli və maraqlı məsələ idi. O mənə mühüm bir sirr vermişdi, o sirrin nəticəsində də çar ordusuna böyük bir zərbə dəymişdi. Bundan əlavə də Mahrunun təhriki ilə əri Aleksandr Smirnov fəci bir surətdə öldürülmüşdü. Hələlik bu facienin ona necə təsir etdiyini bilmirdim. Ancaq bunu bilirdim ki, Mahru Smirnovu çox sevir və bu sevgi səbəbi ilə də dinini, adət və ənənəsini ayaqlamış və bunlara Smirnovu əvəz etmişdi. Mahru Smirnovun Təbriz nəzmiyyəsini və eyni zamanda Təbriz inqilabını tərk-silah etdirmək istədiyi sirrini məndən başqa heç bir kəsə verməmişdi. Mənim bütün müqəddəratım bu qızdan və onda müsbət qəhrəmanlara məxsus qüvvətli və möhkəm iradənin olmasından asılı idi. Lakin mən Təbrizdə belə bir qızın hələlik mövcud olduğuna heç də inana bilmirdim. Çünki həqiqi canlı həyat o yana dursun, hələ Şərq ədəbiyyatında, kitablarda da belə möhkəm iradəli qadınlara çox az təsadüf edilir. Mən düşünərək özüm üçün ümid və istinad nöqtəsi aramağa başladım: «Bəlkə də, Şərq ədəbiyyatında belə bir qəhrəman qadın tapa bilərəm» – deyə Şərqin ən böyük hekayələri sayılan «Dörd dərviş» və «Min bir gecə» əsərlərini bir anda xatırımdan keçirdim və nəticədə ancaq onların müəlliflərinə qarşı böyük bir nifrət duydum. Çünki bu əsərlərdə möhkəm, iradəli bir qadın tipinə təsadüf edə bilmirdim; orada gündə birinə satılan və başqalarını da satan Dəlileyə Muxtalə, hamamçının arvadı və Seyidə Şəmsə kimi iradəsiz, sözünün sahibi olmayan, murdar və çirkin vicdanlı qadınlardan qeyri, başqa bir qadın tipini görə bilmədim. Qəlbim ümidsizlik, təlaş və həyəcan içərisində idi. Bunları sərdar Rəşidə sezdirməmək üçün mahir bir aktyor kimi davranmaq məcburiyyətində idim. Həmin bu anlarda mənim Şərq qadını və onun əhvali-ruhiyyəsini lazımınca öyrənməkdə bacarıqsızlığım yenə də gəlib gözümün qarşısında durdu. Şərqli bir qadına da illərdən bəri tanış olduğum Nina, yainki miss Hannaya yaxınlaşdığım kimi yaxınlaşmaqda, mən öz zənnimə görə səhv etmişdim; bu səhv də indiki fikrimə görə Mahru ilə iki axırıncıların arasındakı dərin və əsaslı fərqləri görməməkdən irəli gəlirdi. Mən özüm-özümə deyirdim: cəmiyyət içərisinə çıxmayan, ictimai həyatın xüsusiyyətlərini mənimsəməyə buraxılmayan şərqli bir qadın, cəmiyyət arasına çıxmış qərbli qadınla bir ola bilərmi? Şərqli qadından iradə, qüvvət, müstəqil düşüncə ummaq əqlə, məntiqə uyan şeymi? Mən örtülü gəzən hər bir şərqli qadınında özünəməxsus, hətta başqalarında təsadüf edilməyəcək müstəqil bir xüsusiyyət, qüvvət və iradə olduğuna və azacıq sonra fikirlərimin yanlışlığı ilə üz-üzə gələcəyimi bilmirdim. Buna görə də daxili həyəcanlar, təşvişlər və çırpıntılar içərisində çapaladığım halda Mahrunu gözləməkdə idim. Nəhayət, Mahrunu gətirmək üçün gedən fayton gəldi. Bir neçə saniyədən sonra Təbrizdəki son hadisənin qəhrəmanları burada üz-üzə gələcək idi. Mən yenə yanlış olduğunu sonradan anladığım şeylər düşünür və öz-özümə deyirdim: «İndi Mahru içəri girəcək, məni görən kimi öz sevgilisinin fəci ölümünü xatırlayacaq və onun qatilinə acı kəlmələrlə hücuma başlayacaqdır». Xidmətçilər içəri girdi, onun şeylərini gətirdilər, onların dalınca da Nina və İraida qolundan tutub Mahrunu otağa daxil etdi: Sərdar Rəşid: – Bədbəxt Mahru, – deyərək, onun qara saçlarını sığalladığı zaman, mən də Mahrunun gözlərinə diqqət edir, indidən onun əhvali-ruhiyyəsini öyrənməyə çalışırdım. Mahrunun dildə demək istəmədiyi sözləri çatma və qara qaşlarının arasında mövcud olan cizgilərdə oxumaq mümkün idi. Onun hər baxışından çəkilməz bir müsibətə qarşı döş gərdiyi və bundan da müdhiş bir ağırlıq hiss etdiyi aydınca sezilirdi. O, birdən-birə dönüb, kinli bir nəzərlə sərdar Rəşidi ayağından başına qədər gözdən keçirdi, bununla da biz onun sərdar Rəşidə qarşı dərin bir nifrət bəslədiyini anladıq. Mən indi keçmişdə hər bir baxışından bədii zövqlər aldığım bu Şərq gözəlinin, bu Şərq qızının, doğrudan da, tamam bir qəhrəman olduğunu görürdüm. Qara ipəklərə bürünmüş bu qəhrəman, sərdar Rəşidə baxışları və bu baxışların saçdığı sonsuz nifrətləri ilə çox qorxuncdu. Sonra Mahru gözlərini süzərək qara kirpiklərin arasından düşüncəli nəzərlərlə mənə baxdı. Mən irəli yeriyib onun əlini sıxdım. O mənim əlimi bir dost əlini sıxan kimi sıxdı, Ninaya tərəf döndü. Ninanın əlini sıxdığı zaman, mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. Mən qismən sakit olmuşdum. Buna görə də ona müraciətlə: – Mən sizi anlayıram, Mahru xanım! – dedim. – Sizin müsibətiniz olduqca ağırdır. Dərdlərinizə, kədərlərinizə şərik olduğumuzu sizə bildirməkdən başqa əlimizdən bir şey gəlməz. Özünüzə təsəlli veriniz, özünüzü ələ alınız. Mahru mənim əlimi bir daha səmimiyyətlə sıxdı: – Böyük hadisələr meydanı olan şəhərdə bir nəfər haqqında düşünmək artıqdır, – deyərək içəri otağa keçdi. Mahru mənə Şərq qadınları haqqındakı fikirlərimin tamam yanlış olduğunu sübut etmişdi. İctimai həyatda bir mövqeyə sahib olmamaq, evdə də ictimai həyatda olduğu kimi köləlik, yenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. Onda müstəqil düşüncə, şəxsiyyət və ideal vardı. Onda bu yolda mübarizə etməyə həvəs və qabiliyyət də yox deyildi. Bundan başqa, Mahru mənə bir şey də öyrətmişdi: «Qəhrəmanı yalnız romanlarda aramaq doğru fikir deyildi. Qəhrəmanı həyat yaratdığı üçün onu həyatda axtarmaq lazımdır!» Biz axşam saat doqquza qədər sərdar Rəşidin evində qaldıq. Lakin Aleksandr Smirnovun meyidini gətirmədilər. Onu konsulxanada saxlamışdılar. Vidalaşıb çıxdıq. Küçələrdə kimsə yox idi. Dünən axşam bütün şəhəri əlinə alan nəzmiyyədən bir nəfər də olsa görünmürdü, çünki onlar toplanmaq və səfərə çıxmaq əmrini almışdı. Nina İraidaya qarşı çox acıqlı idi. Mənə müraciətlə: – Bizim İraida da çar müstəmləkəçiliyinin bir alətidir, – dedi. Bir neçə gün əvvəl, «Gözəl Maşa» nəğmələrini oxuyub gurultu ilə keçən soldat oynağı olan küçələr indi başlı-başına idi. Dünən gecə pulemyot və tüfəngin səsləri bütün Təbrizi titrədirdi, bu gün o gurultuları Təbriz şəhərinin mərsiyə səsləri və «va Hüseyn» sədaları əvəz edirdi. Mən Ninanı və qızları evə düşürüb Məşədi Kazım ağanın evinə qayıtdım, onu böyük bir iztirab içərisində gördüm, çünki onun mənim müqəddəratımdan xəbəri yox idi. Mən ona axşam saat 11-də iclas çağırmasını tapşırdım və iclasa gələcək adamların siyahısını verdim. Dörd gündən bəri idi ki, nə mən, nə də Nina rus konsulxanasına getməmişdik. Konsulun nə kimi tədbirlər gördüyündən xəbərimiz yox idi. Buna görə də miss Hanna ilə təcili görüşüb, nə kimi siyasi xəbərlər olub-olmadığını öyrənməyi lazım bildim. Miss Hannanın evinə gedərkən heç bir adama təsadüf etmədim. Hər tərəfdə bir qəbiristan sükutu hökm-fərma idi. Nə bacalardan tüstü çıxır, nə də pəncərələrdən işıq gəlirdi: sanki bütün Təbriz palçıq damların altındakı yorğanına bürünüb yarınkı Təbriz haqqında düşünməkdə idi. Miss Hannanın qapısını vurdum, xidmətçi qadın qapıya çox təxirlə gəldi. O, qapının dalında durub: «Kimdir?» səslədiyi zaman, mən titrək səsindən onun nə qədər qorxduğunu duydum. – Madam, özgəsi deyil, – deyərkən, məni tanıdı və qapını açdı. Miss Hanna məni gördüyü zaman öz gözlərinə inanmırdı, mənim məhv olduğumu yəqin etmiş imiş, şadlığından ağladı və boynuma sarıldı. Miss Hannanın keçirdiyi həyəcanlı saatlara aid söylədiyi sözlər bir şairin şeiri qədər mövzun və səlis idi. Lakin onun gözəl və yalvarıcı səsi, mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz, ondan daha kədərli idi. Hər zaman səsini dinlərkən zövq duyduğum bu qızın indi hər bir kəlməsi, içərimdə ölüm xəbəri qədər acı təsirlər doğururdu. Nədənsə indi hər şey və hər kiçik təsadüf məni bədbin fikirlərə sala bilirdi, heç şeydə müsbət bir tərəf görmürdüm. Elə dalğındım ki, qızın evinə nə üçün gəldiyimi də unutmuşdum. Qız yenə də adəti üzrə əllərini çiynimə qoyaraq gözlərimə baxırdı, daima vücuduma toxunarkən yorğunluq və kədərlərimi unutduran əllər indi nədənsə çiyinlərimdə çəkilməz bir ağırlıq təşkil edir və bir elektrik qüvvəsi kimi varlığımı sarsıdırdı. Sevgilər, məhəbbətlər duyduğum göz bəbəkləri də sanki mənim ümidlərimə gülür və istehzalar yağdırırdı, kirpikləri isə bir neştər kimi göz bəbəklərimi yarmağa çalışırdı. Miss Hanna mənim son hadisələrlə əlaqədar olduğumu bilsəydi, Hafizin çox yerli olan bir misrasını mənim gözlərimin içinə oxumazdı. Xud koştəyi Hafizra, xud təziyə midari... (Yəni Hafizi özün öldürüb, özün də təziyəsini saxlayırsan...) Bu misra da məni adi vəziyyətimə qaytarmadı, bu şeir də zövqümə yabançı olan sözlər kimi ruhumu oxşamadan keçib getdi. Mən ancaq indi düşünürəm ki, şairləri bəzən müvəffəqiyyətsizliyə uğradan onların şeirinin zəifliyi deyil, ona qulaq asanların şeir dinləməyə marağı olmamasıdır. Mən indi anladım ki, gözəlliyi də, şeiri də insana bəyəndirən insanın ona olan maraq və iştahasıdır. Miss Hannanın uzun söhbətləri içərisində, mən ancaq: – Səni bir neçə gün buradan buraxmayacağam! – deməsini eşidə bildim və ondan soruşdum: – Nə üçün? – Çünki çar hökumətinin Təbriz barəsindəki düşüncəsi tamamilə başqadır. O, Təbriz xalqından qanlı bir intiqam almağa hazırlaşır. Təbriz xalqının başına gətiriləcək fəlakətin ağırlığını mən indidən təsəvvür edirəm. Çarın təbrizlilər haqqında görmək istədiyi tədbir, çar Rusiyası tərəfindən işğal edilməkdə olan bütün şimal və şərqi İrana bir dərs ola biləcək qədər dəhşətlidir... – Bu hadisədə xalqın təqsiri nədir? – Çünki həddindən artıq rus soldatı tələf olmuşdur. – Məsuliyyət kimin üzərindədir? Bu müharibəni ruslar özü başlamadımı? Nəzmiyyəni tərk-silah etdirən onlar deyildimi? Bu sözlərdən sonra miss Hanna: – Doğrudur! – dedi. – Əmir Heşmətin konsulxanalara göndərdiyi müraciətnamə olduqca doğru və yerindədir. Miss Hanna bu sözləri söylədi və Əmir Heşmətin müraciətnaməsini göstərib onu mənə oxudu və əlavə etdi: – Bunu tərcümə etdirib həm Tehrandakı Amerika səfirinə, həm də Vaşinqtonda xariciyyə nəzarətinə göndərdik. Bu hadisə bir daha göstərdi ki, Rusiyanın müstəmləkəçilik üsulu olduqca qabadır, bu kimi qabalığı mədəni İranda deyil, mədəniyyətsiz Afrika xalqları içərisində belə tətbiq etmək həyasızlıqdır. Rusiya konsulxanasında şəhərə veriləcək ultimatumun surəti düzəldilmişdir. Orada birinci tələb Əmir Heşmətin nəzmiyyə təşkilatı ilə birlikdə təslim edilməsindən ibarətdir. Zənnimcə, təbrizlilər öz cəzalarını yüngülləşdirmək üçün rus konsulunun bu mühüm tələbinə əməl eləməkdən boyun qaçırmayacaqdır. Lakin təbrizlilər bu xəyanəti öhdələrinə götürməməli və öz qəhrəmanlarını ələ verməməlidirlər. Bu gün saat dörddə rus konsulunun Amerika konsuluna verdiyi məlumata görə Tiflisdən Təbrizə göndərilən cəza dəstələri və hərbi səhra məhkəməsi gecə saat ikidə şəhərə daxil olacaqdır. Təbrizin vaxt ikən müəyyən edilmiş bir neçə məhəlləsinə yaylım top və tüfəng atəşi açılacaqdır, səni buradan buraxmaq istəmədiyimin də səbəbi budur. İndi üst paltarlarını soyun. Rahat ol! Eşikdə işin yoxdur. Mən qızın əlindən qurtarmağa tələsirdim, orada qala bilməyəcəkdim. Nəzmiyyəni və Əmir Heşməti şəhərdən çıxarmaq və inqilab rəhbərlərini çarın qanlı əlindən qurtarmaq üçün hazırlıq görmək lazım idi. Buna görə də mən qıza səmimi söz verdim: – Gedib yenə də qayıdaram. – İnana bilmirəm! – Sənə and içirəm! Gəlib şam yeməyini də burada yeyəcəyəm. – Hərgah gəlməsən özüm gəlib səni gətirəcəyəm! Çünki bu gecə təbrizli adı daşıyan və öz evində gecələyən hər bir nəfəri böyük bir fəlakət gözləyir. Bu kimi hadisələrdə insan özünü qorumalıdır. Mən yenə də: – Qayıdaram, əmin ol! Mən heç kəsdən qorxmuram. Hər kəs məni zərərsiz və bitərəf bir şəxsiyyət kimi tanıyır, özüm də xalqın düşündüyü kimi zərərsiz və bitərəfəm, – dedim. Saat on bir tamamda miss Hannadan ayrıldım. Bu gecə çağırdığımız iclas öz gündəlik müzakirəsi etibarilə ikinci iclasımız idi. Belə bir iclası biz Təbrizdən çıxdığımız və Səttar xandan ayrıldığımız zaman çağırmışdıq, biz bu ağır zəhərli anları ikinci kərə yaşamaqda idik. İnqilab rəhbərlərindən bir çoxu toplaşıb məni gözləyirdi. Rəhbərlərin gözündə, qazanılmış qalibiyyətdən zərrə də olsa bir əsər görünmürdü, çünki onlar Təbrizdən köçməyi və şəhəri ruslara buraxmağı özləri üçün bir məğlubiyyət hesab edirdi, halbuki qələbəni tamamlamaq və konsulun bütün nəzmiyyə təşkilatını əldə etmək arzularını məhv etmək üçün nəzmiyyə təşkilatının və onun rəhbərlərinin Təbrizdən köçüb getməsi lazım idi. İclası mən açdım. – Möhtərəm yoldaşlar! – dedim. – Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. Bir saat bundan əvvəl aldığım məlumata görə çar konsulunun Təbrizə verdiyi birinci tələbi inqilabçı nəzmiyyə təşkilatı və onun rəhbərlərini təslim etməkdən ibarət olacaqdır. Rusiya hökumətinə də bu lazımdır. Çünki sağlam qüvvətli rəhbəri olan xalqı müstəmləkə qanunlarına tabe etmək olduqca çətindir, buna görə də çar konsulu birinci növbədə Təbriz inqilabının rəhbərlərini məhv etməyə qərar vermişdir. Biz yuxarıda söylədiyimiz məsələləri bildiyimiz üçün də müharibəyə başlamadan əvvəl Təbrizdən çıxmaq üçün sizinlə bir qərar çıxarmışdıq. Qərarımız çox da uzun bir qərar deyil, zənnimcə, onu burada oturanlara bir daha oxuyaraq səsə qoymalıyıq, – dedim. – Oxuyun! Oxuyun! – səsləri hər tərəfdən eşidildi. Mən qərarı oxumağa başladım: Nəzmiyyə təşkilatını çar hökumətinə təslim etməyəcəyik! Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik! Çar hökuməti öz tələbələrini silah gücü ilə həyata keçirmək istərsə, onu silahlı qüvvə ilə qarşılamalıyıq! Silahlı vuruşmada iştirak edən nəzmiyyə təşkilatı əfradını son nəfərinə qədər Təbrizdən çıxarmalıyıq! İnqilabçı kütlələri ruh düşkünlüyünə salmamaq üçün, rəhbərlərin Təbrizdən çıxarılması və konsul əlinə verilməməsi haqqında qəti tədbirlər görməliyik. Silahların mühafizəsinə hər an hazır olmaq və çar hökumətinə təslim olunmaması üçün hazırlıq aparmalıyıq! Beşinci maddədən əlavə bütün maddələr qəbul olundu. Əvvəlcə dərman satan Hacı Əli beşinci maddəyə etiraz edərək dedi: – Mən yoldaşın bəzi fikirlərinə şərik deyiləm. Yoldaş deyir ki: «Rəhbərlərin çar hökumətinin əlində cəzalanması kütlələrin ruh düşkünlüyünə səbəb olar». İndi mən yoldaşa sual verirəm: buyursun görək, rəhbərlərin öz canını mühafizə üçün kütlələri başlı-başına buraxıb qaçması kütlələrin ruh düşkünlüyünə səbəb olmazmı? Məncə, belə bir ciddi zamanda biz kütlələri qoyub qaçsaq, kütlələr bizə nifrət bəslər və inqilabçıların öz canlarının qeydinə qaldığını haqlı bir surətdə isbata çalışar. Buna görə də mən nəzmiyyə təşkilatının Təbrizdən çıxmamasının və rəhbərlərin, kütlənin rəhbərliyində qalmasını təklif edirəm. Mən bu barədə uzun-uzadı mübahisə açmaq istəmirdim. Vaxt çox az idi, xüsusən bu təklifin Hacı Əli tərəfindən meydana atılması da gələcək mübahisələri nəticəsiz qoya bilərdi; çünki Hacı Əlinin sözünü qanun bilən rəhbərlər, bugünkü iclasda əksəriyyəti təşkil edirdi. Mirzə Əhməd Süheyli mənə belə bir sual verdi: – Rəfiqin özü də bizimlə bərabər köçüb gedəcəkdir, ya yox? – Hərgah iclas bu barədə qərar çıxarsa, mənim heç də etirazım yoxdur. Mənim bu cavabımdan iclasda olanların hamısı gözlərini Hacı Əlinin ağzına dikmişdi; onlar mənim köçüb-köçməməyim barəsində də Hacı Əlinin qərarını gözləyirdi. Axırda Hacı Əli danışdı və öz qərarını verdi: – Hərgah yoldaşın burada qalmasına imkan varsa, o vaxt mən də bunu təbrik edirəm, – dedi, – çünki onun buradan getməsi bizim təşkilatın tamamilə dağılması deməkdir. Bu qərar bir səslə qəbul olundu. Heç kəs danışmırdı, səs yox idi, qəlyanların səsi, çay qaşıqlarının cınqıltısı da susmuşdu. Mən: – Yenə də danışan vardırmı? – deyə iclasdakılara sual verdim. Lakin heç kəs danışmadı. Mən son sözlərimi deməli idim, çünki Təbriz inqilabının rəhbərləri hələ indi də çar hökumətinin Təbriz haqqında bəslədiyi arzularını bilmirdi; onlar yenə də iş çətinə düşəndə İngiltərə konsulxanasına sığınmaq, bir yol ilə özlərini çar zülmündən müdafiə etmək xülyasında idilər. – İndi keçənlər kimi deyil, – dedim. – Təbriz inqilabını boğmaqda Rusiya ilə İngiltərə arasında qəti bir saziş mövcuddur. Bu sazişə görə Rusiyanın nüfuz məntəqəsində partlayan hər bir üsyan hərəkətini Rusiyanın silahla yatırmasına İngiltərə icazə vermişdir. Mən illərdən bəri bir yerdə çalışdığımız yoldaşlara deməliyəm ki, iş rəhbərlərin cəzalanması məsələsinə gəlirkən, İngiltərə konsulxanası da qapılarını bağlayacaq və heç bir kəsi öz himayəsinə qəbul etməyəcəkdir. Biz bunu 9-cu ildə rusların ilk dəfə Təbrizə girdikləri zaman təcrübədən keçirdik. O zaman ingilislər öz qapılarını təbrizlilərin üzünə qapadı. Mən rica edərdim ki, bütün dediklərimi bəratülqolda qeyd edəsiniz. Çünki bütün rəhbərlərin boynu çar kəndirinə keçirildiyi zaman, Təbriz xalqı bu məsuliyyətin kimin öhdəsində qaldığını bilməlidir. Təbrizdən çıxmamaq rəhbərlər üçün gedib özünü çar məhkəməsinə təslim etmək, bilə-bilə inqilabı məğlub etdirmək və inqilab yolunda düşən qurbanları hədərə vermək deməkdi. Hərgah inqilab rəhbərləri öz inqilabçı nəzmiyyəsi ilə bərabər köçüb gedərsə, o vaxt var hökuməti də, inqilabçı qüvvələrin məhv edilmədiyi və onların öz rəhbərləri ilə bərabər daha qəti bir qiyama hazırlandığı faktını görər, bəlkə də, Təbrizdən almaq istədiyi intiqamın planını dəyişər, cəza qanunlarını yüngülləşdirər. İndi səsə qoyuram: kim Təbrizdən getmək tərəfdarıdırsa, əlini qaldırsın!.. Mən bu təklifi səsə qoyarkən Hacı Əli gülümsədi. Mən dərhal bu gülümsəmənin mənasını anlayaraq dedim: – Hacı bu təklifə gülür, doğrudan da, təklif gülünc bir təklifdir. Çünki Hacı Əlinin Təbrizdə qalmaq təklifi səsə qoyulmadan da qəti səslə qəbul edilmişdir. Lakin öz təklifimi səsə qoymalıyam. Bir zaman bu təkliflərin hər ikisini də İran inqilabının tarixi qeyd edəcəkdir. Mən yenə də ümid edirəm ki, Hacı Əli ağa bu tarixi məsuliyyəti öhdəsinə götürməyə cəsarət etməz və mənim təklifimə səs verər. Sözlərim fayda vermədi, mənim təklifimə səs verən ancaq İbrahimbəy Cahangirov, bir də Əmir Heşmət oldu. Daha danışmadım. Onlar məni anlamadı, anlamaq da istəmədi. Onlar bilmirdi ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. Burada oturanlar yüz illərcə aparılan mübarizənin məhsuludur. Onlar yersiz olaraq müvəqqəti geri çəkilməyi öz rəhbərlik qürurlarına sığışdıra bilmirdilər. Halbuki siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. İş bitdi. Bu söhbətlərdən sonra mən Əmir Heşmətə müraciətlə: – İndi də sizin səfər planınız müzakirəyə qoyulmalıdır, – dedim, – hara və nə cür getmək istəyirsiniz? Əmir Heşmət vaxtın azlığını nəzərə alaraq çox qısaca məlumat verdi: – Biz buradan Urmi şəhərinə gedəcək, hərgah lazım gəlirsə, Türkiyə hüduduna keçəcəyik. Maliyyə vəziyyətimizin zəifliyini nəzərə alaraq nəzmiyyə əfradının hamısını köçürə bilməyəcəyik. Mən Əmir Heşmətin bu fikirlərinə etiraz edərək: – Belə bir fikir yaramaz, – dedim, – əvvələn, siz Urmi şəhərinə getməməlisiniz. Mənim konsulxanadan əldə edilən vəsiqələrlə təyin etdiyimə görə hazırda Urmi hakimi İclalülmülk yüz faiz rus tərəfdarıdır. Siz Urmiyə yetişən kimi tərk-silah etdiriləcək, çar agentləri əlinə veriləcəksiniz. Buna görə də siz Səlmas şəhərinə getməli, Saray təriqi ilə Türkiyənin Başqələ tərəflərinə keçməlisiniz. Maliyyə işinin zəifliyini nəzərə alaraq nəzmiyyənin bir hissəsini Təbrizdə buraxmaq fikrinizə gəldikdə isə bu tamamilə yanlışdır. Siz ya tamamilə köçməli, yainki tamamilə Təbrizdə qalmalısınız. Nəzmiyyəni tamamilə köçürməmək fikri maliyyə işinin zəifliyindən doğmuşsa, onu mən islah edərəm. Maliyyə məsələsi ortalığa gəldiyi zaman iclasdakılar yenə sakitcəsinə durub gözlərini döyürdü. Canlarından artıq öz pullarının qeydinə qalanlar mənim nəzmiyyəyə maliyyə yardımı vermək təklifində bulunduğumdan qorxurdu. Onlar bir neçə gündən sonra bütün mallarının çar konsulxanasına, özlərinin isə dar ağacları altına çəkiləcəklərini bilmirdi. Nəhayət, mən onların pul vermək qorxusundan doğmuş həyacanını sakit elədim və Məşədi Kazım ağaya müraciətlə: – Əmanətləri gətiriniz, – dedim. Məşədi Kazım ağa qalxıb getdi. Mənim bu müraciətimdən iclasdakıların hamısı təəccüblü nəzərlərlə mənə baxırdı, çünki onlar inqilab təşkilatı əlində para vəsaitinin olmasından xəbərsiz idilər. On dəqiqə keçmədən Məşədi Kazım iki min manat osmanlı lirəsi, beş min tümən gümüş pul gətirib Əmir Heşmətə təslim verdi. – Bu az pul deyil, – dedim, – sizə yenə də lazım olduğu zaman yardım göstərəcəyik. Təşkilatı dağıtmayın. Çünki siz yenə də İrana qayıtmalısınız. Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisində çürüməkdədir. Salamat gedin! İran heç vaxt sizi unutmayacaqdır. Siz İran tarixinin qəhrəman adamlarısınız. Mənim salamımı təşkilatın bütün tərkibinə yetirin! Vidalaşdıq. İbrahimbəy Cahangirovun dodaqlarından öpərkən qulağıma bu sözlər dəydi: – Bir dəstə ilə gəlmişdim. Təkbaşıma qayıdıram. İran inqilabına verdiyim qurbanların içərisində gənc qardaşım Aydınpaşa da uyumaqdadır. * * * Qorxulu gecə Hara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm. Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu. Mən rəhbərlərin belə qorxulu gündə Təbrizdə qalmaq istədiyini bir həftə bundan əvvəl bilsəydim, çar Rusiyasına qarşı bu qədər geniş bir cəbhə açılmasına imkan verməz və qəti müharibə imkanı yaratmazdım. Biz az bir qüvvətlə meydan müharibəsinə çıxdığımız və çar istila ordusunu dağıtdığımız, tamamilə qalib çıxdığımız bir zamanda, rəhbərlərin əvvəlki sözlərinə əməl etməməsi və başlarını çar kəndirinə salmaq istəmələri, bütün zəhmətlərimizi hədərə verməklə bərabər, özümüzü də ağır və tarixi bir məsuliyyətin altında qoyurdu. Qapılar başındakı rəngbərəng bayraqlar bir bayramın nişanəsi deyildi. Bu kimi bayraqları bütün təhlükəli günlərdə konsulxana işçilərinin, çar rəiyyətləri və çar himayəsində olanların qapısında görmək olardı. Mən bu ingilis və çar bayraqlarına baxaraq keçir və düşünürdüm ki, Təbrizdə yalnız bu iki hökumətə arxalanaraq İran kəndlisini, İran yoxsulunu didmək və talamaq mümkündür. Almaniya, Avstriya, Türkiyə bayrağı görünmürdü, çünki Almaniya və Türkiyə kimi dövlətlərin bayrağında o qədər nüfuz yox idi. Türkiyə, Amerika və Almaniya bayrağı himayəsinə girənlər, yuxarıda göstərilən iki cahangirin himayəsindən qovulanlar idi. Bu «ingilis bayrağı, bu da çar bayrağı» deyə-deyə qapılara baxıb keçirdim. Axırda başımın üstündə bir Amerika bayrağının asıldığını gördükdə, miss Hannanın qapısında durduğumu anladım. Mən bu evə girməyə və vaxt keçirməyə məcbur idim. Çünki Ninanın evinə getmək mümkün deyildi. İçəri girdim. Ağır addımlarla balkona çıxdım. Miss Hanna balkona baxan buzlamış pəncərənin qarşısında durub məni uzun saatlarla gözləmiş və öz nəfəsi ilə qarşısında durduğu şüşənin buzlarını əritmişdi. İçəri girdikdə bura nə üçün gəldiyimi düşünürdüm, mən bu qorxulu gecədə Təbriz küçələrinə çıxmağın və uzun bir yolu gəlməyin nə qədər təhlükəli və qorxulu olduğunu belə hiss etməmişdim. Miss Hanna məni görən kimi xaç çəkərək: – İsaya şükür olsun ki, sənin, nəhayət, təhlükədən qurtardığına inana bildim. İndi bildim ki, sən çarın qanlı intiqamından salamat qaldın, – dedi. – Səni bir daha bayıra buraxmayacağam, çünki rusların cəza planlarında təqsirli olub-olmamaq nəzərə alınmır. Cəza hər bir təbrizli üçündür. Xalqı qorxutmaq və intiqam almaq üçün çar kəndirinə yüzlərcə boyun lazımdır; o boyun hər kəsin olursa-olsun, fərqi yoxdur. Paltomu xidmətçi qadına verib oturdum. Əl-üzümü yuyub-paltarımı təmizlətdimsə belə, yenə üst-başımdan barıt qoxusu gəlirdi. Qızın danışdığını eşidirdimsə də, nə dediyini təyin edə bilmirdim. Yumşaq divanın üzərində oturub zəif bir surətdə nəfəs alırdım. Yorğunluq məni bayılmaq dərəcəsinə gətirmişdi. Dışarı buraxdığım nəfəsimin geri dönəcəyinə belə əmin deyildim. Başımın üstündəki saatın zəngi də sanki çox uzaqlarda vururdu. Saat ikini vurduqda uzaqlara uçub gedən hislərim diksinərək, kədərlərlə əhatə edilmiş varlığıma qayıtdı. Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım, miss Hannanın gülərək, yuxulu gözlərimin içinə baxdığını gördüm. O: – Sən yorğunmusan? – deyə soruşduqda mən: – Yorğunam, həddindən artıq yorğunam! – dedim. – Məni bir neçə gün davam edən qanlı hadisələrin təsiri tamamilə yormuşdur. Miss Hanna yenə də gülümsünərək: – Səni barıt və dinamit qoxuları da rahatsız edər, – dedi. Miss Hanna mənim kim olduğuma müəyyən bir qənaət hasil edə bilməsə belə, son hadisələrdə iştirak etdiyimi təyin edə bilmişdi. – Belə də olmalıdır, – miss Hanna dedi, – madam ki, bura sənin vətənindir, onu müdafiə etməli və ona uzanmaqda olan istilaçı əlləri qırmalısan. İndi mənə söylə görüm yuyunmağa ehtiyacın vardırmı? – Vardır, – dedim. – Elə isə qalx, xidmətçi qadın vannanı hazırlamışdır. Qalx, yorğunluğunu unutmağa çalış! Sənin bu yorğunluğun özün üçün böyük bir şərəfdir. Mən onu öz düşüncəsindən sapdırmaq üçün: – Sənin düşündüklərindən çox uzaqdayam, – deyə vannaya keçdim. Vannada başımı əllərimin arasına alaraq oturmuşdum, birdən yaylım atəş səsi eşitdim, bu səsdən yorğunluğum qismən azaldı, çünki yaylım atəşi Əmir Heşmət dəstəsinin Təbrizdən sağ-salamat çıxmasına işarə idi. Əmir Heşmətə bunu tövsiyə etmişdim. Öz-özümə: Bir dəstə yaxasını qurtarıb getdi, qalanları isə məhv ediləcəkdir, – deyə suyun içərisindən dəli kimi çıxdım. Bağırmaq və çığırmaq dərəcəsinə gəlmişdim. Özümü daha da ağır hiss etməyə başladım, çünki bu qədər qanların məsuliyyəti mənim vicdanımın üzərinə düşürdü; mən yorğun vücudumu bir dağın siqləti altında hiss edirdim. Get-gedə dincəlməyə və qızın yeknəsəq sözlərini qavramağa başlayırdım. Qız sözünü yenə də son hadisələr üzərinə gətirərək: – Təşkilatları var imiş! – dedi. – Daxili düşmənlər imkan versəydi, bunlar İrana girmiş çar qüvvələrini lazımınca döyə bilərdi. Mən bu hadisələr zamanı belə bir qənaətə gəldim ki, iranlıları Şərqin başqa müstəmləkə xalqları ilə müqayisə etmək doğru deyildir. İranlılar müstəmləkəçilik üsulunun acılarını misirlilər, hindlilər, afrikalılar kimi sükutla həzm edə bilmirlər, onlar üsyan etməyi və təşkil olunmağı bacarırlar. Mən: – Bunun mühüm bir səbəbi vardır, – dedim, – bu səbəb başqa müstəmləkələrin xalqı üçün mümkün deyildir. İranlılar öz qonşuluğunda baş verən silahlı qiyamlardan ruhlanmaya bilməz. Rusiyada işçilərin çar hökumətinə qarşı düzəltdiyi qanlı çıxışlar, İran yoxsuluna, İran kəndlisinə təsirsiz qalmadı; onlardan bir çox şeylər öyrəndilər. İran inqilabçısı Rusiya inqilabçısının mübarizə üsullarını öyrəndi, Səttar xanın hərəkəti Rusiyadakı beşinci il inqilabından alınan dərslərin birinci imtahanı idi. O bu imtahanı çox gözəl bir surətdə verdi, xətti-hərəkətində zərrə qədər yanılmadı. O da öz qarşısında duran daxili və xarici maneələri bir inqilabçı kimi təsviyə etdi. Səttar xan daxili düşmənlə mübarizə etdiyi zaman, daxili düşmənlərə yardım verməkdə olan çar hökuməti ilə də müvəffəqiyyətlə mübarizədə bulundu, onların açıq müdaxiləsinə imkan vermədi. Mən bu sözləri danışırkən qız əlini yeməkdən saxlayıb fikrimlə razılaşmadığını bildirən nəzərlərlə mənə baxırdı. Axırda o: – Əziz dostum, işin eyibi də, nöqsanı da burasındadır, – dedi. – Mən və amerikalıların hamısı, İran inqilabının da Rusiya inqilabi hərəkatı zəminasində aparılmasına razı deyildik, biz bu fikri tamamilə yanlış bir fikir hesab edirik. İşçi ölkəsində doğulmuş bir hərəkatı, yüz faiz kəndli ölkəsi olan İranda tətbiq etmək fikri nəinki yanlış, hətta gülünc və uşaqcasına bir fikirdir. Hələ Rusiya kəndlisi ilə İran kəndlisini müqayisə etmək və bərabər tutmağın özü də gülüncdür, çünki İran kəndlisi Rusiya kəndlisinə görə ibtidai olduğu kimi, səviyyəcə də onlardan bir neçə qat geridədir. Bunları nəzərə alaraq, biz İrandakı inqilab hərəkatının Rusiya inqilabi hərəkatına əsaslandırılması təcrübəsini xəyanət hesab edirik. Sən inqilabçısan, deyilsən... – orasında işimiz yoxdur, hər halda iranlısan, özün də ziyalısan, belə bir fikrin intişarına çalışmalı və inqilabçıların yanlış fikrini özlərinə deməli və anlatmalısan. – Gözəl dostum, – dedim, – mən heç bir zaman yanlış fikrin intişarına çalışa bilmərəm, çünki sən öz fikrində yanılırsan. Miss Hanna mənə təəccüblə baxaraq: – Əcəba, sən məni nə üçün anlamaq istəmirsən? – xəbər aldı. – Mən səni çox gözəl anlayıram. Sənin və sənin fikrini intişar etmək istəyənlərin fikri İran inqilabını yanlış yollara çəkmək və onu inqilab hərəkatı təşkilindən uzaqlaşdırmaq deməkdir. Qız acıqla: – Xeyr, belə deyildir! – dedi. – Hər bir ölkənin inqilabını onun mədəni səviyyəsi və yaşayış şəraiti yaradır. Rusiya işçisinin nə mədəni səviyyəsi, nə də həyat şəraiti İrandakı şəraitlə bir deyildir, hətta onların tələb və istəkləri də başqadır. Rusiya işçisi «Rədd olsun mütləqiyyət! Məhv olsun çar üsuli-idarəsi!» – deyə bağırırsa, İran kəndlisi tamamilə başqa söz deməkdədir. Bunlar nə padşahlıq rejimi əleyhinə mübarizə aparır, nə də Rusiya işçisi kimi proletar diktaturası tələbini meydana sürür. O, yalnız bir padşahı düşürüb, digər bir padşahın taxta çıxmasını tələb edir. Rusiya işçisi çarlığa qarşı silahlı qiyamlar başladığı zaman, İran yoxsulu, İran kəndlisi padşahdan mərhəmət ricasında bulunur. Amerikalı qız yanlış fikirlərində daha da irəli gedərək çox yersiz bir surətdə Marksın nəzəriyyəsinə istinad etməklə dedi: – Mən, sənçə anlaşılmayan bu məsələni daha da aydın söyləmək istəyirəm. Deyəcəyim sözlərlə qane olacaqsan, çünki bu sözlərimi Marksın nəzəriyyəsinə istinad edərək deyirəm. «Hazırkı mübarizədə sinfi mübarizə mündəricəsi yoxdur. Ola da bilməz, çünki burada sənaye işçiləri yoxdur. Az-çox varsa da təşkil edilməmişdir». Bunları nəzərə alaraq, siz hazırkı inqilabı yerli şərait və yerli mündərəcə zəminasində aparmalı və inqilabı müdafiə edən ünsürlərin kimliyi ilə hesablaşmalısınız. Əksinə olaraq siz kütlələrin mədələri həzm edəməyəcək və səviyyələri əhatə edəməyəcək bir xətt-hərəkətlə meydana çıxmış oldunuz. Sizin səhviniz də burasındadır. Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim. Buna məndə bir maraq da yox idi. Onu təbliğ etmək və onun fikrini dəyişmək üçün uzun bir vaxt lazım olduğunu bilirdim. Bu mübahisənin ümumi hərəkət nöqteyi-nəzərindən əhəmiyyəti də yox idi. Danışdıqlarımız siyasi söhbətə miss Hanna yenə də öz eşqnaməsi ilə yekun vuracaq idi. Lakin mən iki şeydən birisini qəbul etməli idim ki, bu da ya sevgi fəlsəfələrini dinləmək, yainki siyasi mübahisə açmaq. Çünki miss Hanna başqa heç bir söhbəti xoşlamırdı. Mən siyasi söhbətlərin hamısında ona müqabilə edə bilərdim, onun səhvlərini göstərər və onu sükuta məcbur edərdim. Sevgi söhbətlərində isə o mənə qalib gəlirdi, daima məni susdururdu, mən heç bir zaman onun işlətdiyi hissi sözlərin qarşılığını tapa bilmirdim. Mən belə mövzulara əhəmiyyət vermirdim. Bəlkə, özümdə belə bir qabiliyyətin mövcud olduğuna da inanmırdım. Zatən kişilərdə öz sevgisini incəliklə ifadə edə biləcək qabiliyyət çox azdır. Çünki sevgi danışıqlarını canlandırmaq, sevgiyə aid ifadələri bəzəmək üçün bəzən yalvarmaq və göz yaşları tökmək də lazım gəlir ki, kişilər bunda qadınlar qədər bacarıqlı deyil. Hətta mən belə bir məsələni də düşünürdüm: miss Hannanın, yaxud bir başqa qızın öz sevgisini ifadə etmək üçün işlətdiyi kəlmələr o qədər incə, o qədər hissidir ki, o ancaq bir qadın ağzına yaraşar. Bütün bu cəhətlər məni sevgi söhbətlərindən boyun qaçırmaq və siyasi söhbətlərə imkan vermək məcburiyyəti qarşısında qoyurdu. Miss Hannaya müraciətlə: – Gözəl Hanna! – dedim. – Sənə bir dostluq tövsiyəsində bulunacağam. O tövsiyə bundan ibarətdir: vaxtın olduqca Rusiyada baş vermiş işçi hərəkatı tarixini oxumağın lazımdır. Sən Rusiyadakı inqilab hərəkatının tarixi ilə tanış olsaydın, Rusiya inqilab hərəkatının nə kimi yollarla gəlib hazırkı pilləyə çatdığını öyrənsəydin, İran inqilab hərəkatı ilə Rusiya inqilab hərəkatını müqayisə edərkən bu qədər dərin səhvlər buraxmazdın. Sənə sual verirəm: bir zaman Rusiya inqilabçısı da İranda olduğu kimi, padşahları öldürmək və terror təşkil etmək yolu ilə getmirdimi? Gözəl Hanna, bir düşün! Bir zaman Rusiya işçisi də, İran işçisinin müctəhidin dalına düşdüyü kimi keşişlərin arxasına düşüb çardan çörək və mərhəmət diləmək üçün getmirdimi? Rusiya işçisi bir çox qanlı imtahanlardan çıxaraq hədsiz qurbanlar verdikcə öz yolunu doğrultmadımı? Öz xətt-hərəkətini dəyişməklə silahlı qiyam və proletar diktaturası şüarını meydana atmadımı? İndi mənə söylə görüm, Təbriz inqilabının bugünkü təşkili, İran kəndlisi və İran zəhmətkeşlərinin silahlı qiyam üçün verdiyi müvəffəqiyyətli bir imtahan deyildirmi? Hanna, sən özün bir düşün! Xanları, mülkədarları döymək, onları öz mülkündən qovmaq, istismarçılara qarşı açıq nifrət bəsləmək, istismarçıları müdafiə edən padşahı taxtından düşürmək, onun ordusu ilə qanlı müharibələr aparmaq işlərinin hamısı Rusiyadakı beşinci il hərəkatının göstərdiyi yollar deyildirmi? Hərgah bu gün böyük dövlətlər işə müdaxilə edir, İran inqilabının inkişafına imkan vermirsə də, gələcəkdə İran inqilabı özünü toplayacaq və sarsılmaz bir qüvvətlə meydana çıxaraq öz məqsədinə nail olacaqdır. İranda hərəkatın kütləvi bir şəkil ala biləcəyinə heç də şübhə yoxdur; torpaq şəraiti İranda Rusiyada olduğundan daha pis haldadır. Bu şəraitin özü də İran kəndlisinin kütləvi bir surətdə inqilaba qoşulmasını təmin etməkdədir. Burada mübahisəli məsələ kütləvi və ümumi hərəkat nə zaman başlanacaqsa başlansın, yenə də öz baş xətti ilə irəli gedə biləcəkdir. Miss Hanna mənə bu söhbət üzərində uzun zaman dayanmaq imkanını vermədi, bir kərə: – Bəli, bəlkə də, gedə biləcəkdir, – deyərək qarşısında duran şərab piyaləsini qaldırdı. O, şərabı çox təxirlə, hətta damcı-damcı içirdi. Yarımçıq piyaləni gözləri qarşısına tutaraq piyalənin dalısından mənə baxır və gülümsəyirdi. Mən düşünürdüm, bir tərəfdən dünənki Təbrizi xatırlayır, o biri tərəfdən indi Təbrizin nə vəziyyətə düşəcəyini təsəvvür edirdim. Qarşımdakı təntənəli şam süfrəsini, bəzəkli və isti otaqları, gənc və gözəl bir qızı deyil, xatirəmdə canlanan qorxulu bir mənzərəni seyr edirdim. Amerikalı qızın çiynindən sallanan sarı hörüyün hər birisi mənə bir ilan kimi qıvrılıb indicə üzərimə atılacaqmış kimi gəlirdi. Tavandan asılan avizənin hər birisi dar ağacından asılan bir vücud kimi donub dururdu. Pərdələrin üzərindəki şir və pələng şəkilləri isə cana gəlməyə, fınxırıb üstümə atılmaq istəyənə oxşayırdı. Qarşımdakı süfrədə duran qabların hər biri isə mənə zəhərlə dolu kimi görünürdü. Qız mənim üzümə baxdıqca, İran hekayələrində oxuduğum cadugər və məkkarə qadınları xatırlayaraq qorxuya düşürdüm. Məni qara basırdı. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuş, mənim vəziyyətimə baxıb gülür və üzərimə məsxərələr yağdırırdı. Miss Hannanın söhbətləri qəlbimdə bir bayquş ulaması kimi qəmli təsirlər buraxırdı. Mən ancaq qızın bu sözlərini eşidə bildim: – Bəli, belə də olmalı idi! Əmir Heşmətin bu qiyamı tamamilə vaxtında partladı. Mən: – Bəli, belə də olmalı idi! – dedim. Qız davam etdi: – Doğrudan da, belə olmalı idi! Mənim də taleyim bunu istəmişdi. Gərək mən də sənə təsadüf edəydim. Bu müəmmaların içərisində qalaydım. Dünyada hər şey mümkündür. Lakin həyatda geri dönmək mümkün deyildir. Hərgah mümkün olsaydı, mən yenə də səadətli günlərimə qayıdardım. Mən ona sual verdim: – Hansı günlərə? – Culfada, Livarcanda olduğum günlərə! Çünki o zaman mən sənin üçün daha qiymətli idim. Sən mənim iradəm xaricində bir hərəkətdə bulunmayacağını mənə söyləmişdim. İndi isə mənim iradəm haman iradədir. Sən isə o iradə ilə hesablaşmaq istəmirsən, mən sənə tərəf bir addım atdıqca, sən məndən yüz addım uzaqlaşırsan. Mən sənin qəlbinə yol tapa bilmədim. Sənin kimliyini belə təyin etmək mümkün olmadı. Sən mənimlə dərdləşmirsən, bir-birimizlə dərdlərimizi bölüşdürməyə imkan vermirsən, biz qəlbən, ruhən bir-birimizə qarışa bilmədik. Əcəba, sən bu yabançı həyatı davam etdirməkdən yorulmadınmı? Söylə görüm bu uzun müddətdə sən mənim nə qədər saf, səmimi, təmizürəkli bir qız olduğumu təyin edə bilmədinmi? Mənim Şərqin uzaq bir guşəsində səndən başqa bir kimsəyə bağlanmadığımı və bir kimsəm olmadığını, yalnız səni özüm üçün yaxın dost seçdiyimi bilmədinmi? Bütün bunları bildiyin halda, məndən uzaqlaşmaq və mənimlə bir yabançı imişəm kimi davranmağın nə mənası vardır? Sən özün düşün, mən uzun zaman davam etdirdiyim bu yolun yarısından qayıda bilərəmmi? Miss Hannanın gözündə bir qətrə yaş parladı. Özünü toxtadaraq mənim qarşımdakı piyaləyə şərab doldurub dedi: – İç! İnsanların elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. Çünki müəyyən gələcəyə malik olmayan bir həyatın ayıqlığı da sərxoşluqdur. Zatən sərxoşluq edənlərin bir çoxu başgicəllandirici həyatın əyri-üyrü yollarında dolaşaraq ayıqlıq arayanlardır. Belə adamlar həyatdan yorğunluğunu çıxarmaq və yeni qüvvət toplayaraq yenə də bu çala-çuxur dünyada dolaşmaq üçün piyalələrlə ülfət etməyi lazım bilirlər. Sən də iç! Sən ancaq içdikdən sonra bu hay-küydən və çığır-bağırdan ibarət olan dünyanı unudacaq və hay-küylər içərisində itib gedən qəlb fəryadlarını dinləyə biləcəksən. O fəryadlar məhrumiyyətə uğramış arzulardan, uzun gecələrin əzici düşüncələrindən, sınmış, təhqir olunmuş qəlbin şikayətlərindən, məğlubiyyətin doğurduğu odlu ahlardan, aldanmış əməllərdən, acı dil yaralarından, haqsızlığa qarşı məcburiyyətlə təslim olan vicdanlardan çıxan, dinlənilməsi çox ağır olan bir səsdir. Sən al bu piyaləni, o səsləri dinləyə bilmək üçün iç! Miss Hanna bu sözləri deyib qurtarıncaya qədər piyaləni mənim gözümün qarşısında tutmuşdu; onu almamaq və geri qaytarmaq mümkün deyildi. Piyaləni əlimə alıb saxladım. Qız əlindəki şərabı içərkən gözləri yaşarmışdı. Mənə elə gəlirdi ki, indicə yaş qətrələri yanağından aşağıya doğru axacaq və piyalənin içinə töküləcəkdir. Miss Hanna ağlayırdı. Mən isə düşünürdüm. Sükut dərinləşdikcə, ruh üçün istirahət aradığımız piyalələr dəxi bizi qucağına alaraq həyatı heçliyə döndərən bir güzgünün qabağından keçirir, bədbinliyin qara qətifələrinə bürüməklə tanış olmadığımız bir dünyaya aparırdı. Mən hər şeyi unutmuşdum. Əlimdəki piyalə ilə əylənirdim. Çünki həyatın bütün ağırlıqlarını unutmaqda bu piyalənin mənə çox köməyi olacaqdı! Lakin bu mümkün deyildi. Mən sərxoş olaraq, həyatı unudub, onun təsirləri altından çıxa bilmirdim. Son günlərin qanlı hadisələri gözümün qarşısından çəkilmir, çar Rusiyasının sabahdan etibarən Təbrizdən alacağı intiqam xəyalımda canlanırdı. Bununla da gələcəyə olan bütün ümidlərim bir anın içində uçurumlara yuvarlanırdı. Bədbinlik və yəs mənə: – İç! – deyə əmr edirdi. Mən də içdim. Bir azdan sonra həyatın ağırlığı hiss edilməməyə başladı. İndi hər tərəfi ölüm bürümüş kimi idi. Mən bir pəncərənin qarşısında durmuşdum. Təsəvvür etmədiyim, indiyə qədər tanımadığım ağ qanadlı bir qız qarşımda nazlanır və qollarını açaraq məni haraya isə çağırırdı. Mən ona yaxınlaşdıqca, onun ağ qanadları qaralırdı; o, məni özü ilə bərabər sanki bildiyim və tanıdığım bu dünyadan daha müzlim, daha çirkin bir dünyaya sürükləyirdi, lakin mən ora getməyəcəkdim. Birdən necə oldusa əlimi cibimə atıb tapançamı aldım. Bir qurşun mənim bütün bu yəs və bədbinlik iztirablarıma son qoyacaqdı. Bu halda qarşımdakı qızın qışqırtısını eşitdim. O səs: – Dur, əvvəlcə məni öldür! – deyirdi. Bu müdhiş səs məni ayıldaraq varlığımı titrətdi. Əlimdən ağır bir şeyin yerə düşdüyünü eşidib diksindim. Kədərli zamanlarımda yaxalayıb məni intihara sürükləyən sərxoşluqdan tamamilə ayılmaqla, gözlərimi açdım və tapançamı Miss Hannanın əlində gördüm. Qız ağ ipək köynəyini yırtaraq köksünü açmış, tapançanı mənə uzatmaqla: – Əvvəl məni öldür! – deyib dəlicəsinə qışqırdı. Mən alnımdakı soyuq təri silərək tapançanı alıb cibimə qoydum. Miss Hanna başını stolun üzərinə qoyub ağlayırdı. Mən isə inqilab qəhrəmanı Səttar xanın dediklərini xatırlayırdım. Bir neçə il əvvəl qaradağlılar bütün şəhəri işğal etmiş və Dəvəçi əks-inqilabçıları da qəhrəmanın evini mühasirəyə almışdı. Bundan böhranlı, bundan ümidsiz bir dəqiqə görməmişdim. Biz hamımız deyirdik: Səttar xanın bütün çıxış yolu kəsilmişdir. O, düşmən əlinə düşməmək üçün intihar edəcəkdir. Fəqət o bir an belə olsun ruhdan düşmürdü. Bir az atışdıqdan sonra tüfəngi bucağa söykəyib: – Mirzə Məhəmməd, bir qəlyan gətir, – deyə mücahidlərdən birisinə müraciət etdi. Qəlyana bir neçə nəfəs vurduqdan sonra sözə başlayaraq: – Mən çətin və qorxulu günlərin Səttar xanıyam, qorxusuz günlərdə minlərcə Səttar xanlar tapmaq olar! – dedi. Onun vaxtilə söylədiyi bu söz, məni lap özümə gətirdi. Ruhuma, vicdanıma yeni bir təkan verdi, əzmimi, mətanətimi, istiqbala olan ümidlərimi özümə qaytardı. Mən indi gənc qızı narahat etdiyimdən utanaraq, özüm-özümə nifrət bəsləyirdim. Onun başını stoldan qaldıraraq köksümə aldım və sarı saçlarını sığallayaraq dedim: – Biz bu gecə həyatda öz acizliyi nəticəsində yorulanların yolu ilə getdik. Bu yolun axırında iki nöqtə durur, onlardan birisi səfalət, digəri isə intihardır. Şərab insanların kədərlərinə ölüm və səfalətlə yekun vuran birinci amildir. O, iradəsiz adamları daha tez məğlub edə bilir. Biz bu gecə şərabın səfalət və intihar amili olduğunu öz üzərimizdə təcrübədən keçirdik. Qızı yuxu aparmışdı, mən onu rahatsız etməmək üçün yerimdən qımıldanmırdım. Onun başı mənim köksümdə ikən ürəyinin adi surətdə döyündüyünü hiss edirdim. O, bəlkə də, günəş çıxıncaya qədər yatacaq idi. Lakin bütün Təbriz mühitini tərpədən bir zəlzələ buna imkan vermədi. Biri digərini təqib edən top və pulemyot gurultuları qızın yuxusuna mane oldu. O, başını köksümdən qaldıraraq: – Bu nə qiyamətdir? – deyə soruşduqda mən: – Çar cəza dəstələri şəhərə girib, məhəllələri bombardman etməkdədirlər, – dedim. * * * Üfüq yeni işıqlanırdı. Evə qayıtmaq lazım idi. Mən miss Hannanın təkidlərinə qulaq verməyərək oradan bayıra çıxdım. Təbriz xalqı qorxusundan küçəyə çıxmamışdı. Hətta azançıların səsi də eşidilmirdi. Hamamların, məscidlərin qapısı da bağlı idi. Şəhərə daxil olmuş çar cəza dəstələri də hələ vəziyyətə hakim deyildi. Onlar Şahzadə bağından dışarı çıxmamışdılar. Böyük şəhərdə əvvəlki gurultudan heç bir əsər qalmamışdı. Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi. Evə gəldim. Nə Məşədi Kazım ağa, nə Ələkbər yoldaş, nə də onun ailəsi yatmışdı. Onlar mənim başıma bir fəlakət gəldiyi fikri ilə rahatsız idilər. Səhər çayı hazır idi. Ancaq çayı kim içəcək idi? Stol üzərində duran samovar can verməkdə olan bir xəstə kimi son sözlərini deyirdi. Mənə bir məktub verdilər. Məktubu Culfadan Ağa Məhəmmədhüseyn Hacıyev yazmışdı. Mən onu çox sevirdim. O, çox zəif və ixtiyar olduğuna baxmayaraq, Təbriz inqilabında yüksək ruhlu bir gənc qədər çalışmaqda idi. Buna görə də onun məktubu məni həddindən artıq sevindirdi. Çoxdan bəri Culfadakı yoldaşlardan da xəbərimiz yox idi. Kimlərin həbs edildiyini və kimlərin yaxasını qurtarıb qaçdığını bilmirdik. Çar hökuməti İran inqilabında böyük yararlıq göstərən Culfa qrupuna çox ciddi nəzarət təşkil etmişdi. Burada pristav Yeşşolt, Rzaqulubəy Teymurbəyov və uryadnik Semaşkov, jandarm polkovniki İştraube, onun xəfiyyələri olan naxçıvanlı Rzayev qardaşları, bulqanlı İsmayıl, naçalnik Zençenko, onun mütərcimi Mirzə Hüseyn Novruzov, İran konsulu vəzifəsini daşıyan, eyni zamanda çar casusu olan Rəufbəy Culfada yaşayan inqilabçılara göz verir, işıq vermirdilər. Mən Ağa Məhəmmədhüseyndən aldığım məktubda yoldaşların vəziyyətinə aid bir məlumat ala biləcəyimi düşünürdüm. Məktub çox qəmgin bir rübai ilə başlanmışdı: «Ey çərxi-fələk dəvəndəki mara koşt, Bər dərgahi-xəlq, bəndəgi mara koşt; İn zilləti-ruzigar, in töhməti-xalq, Ey mərg, biya ki, zindəgi mara koşt! Əziz və möhtərəm dostumuz! Uzun məktub oxumağa nə sənin vaxtın vardır, nə də mənim yazmağa hövsələm. Sürgündəkilər sürgündə, həbsxanadakılar həbsxanada, azadlıqda qalanlar isə polis və jandarmların sıxı nəzarəti altında. Mən çar ordusunun Təbrizdə nə kimi həyasızlıqlar edəcəyini təsəvvür edirəm. Biz Təbrizdə qiyam başlandığını İran teleqrafxanası vasitəsilə bildik. Əmir Heşmətin Təbrizdən çıxarılması üçün təşəbbüs edilsəydi daha gözəl olardı. Hərgah sizin üçün bir qorxu hiss edilərsə, Təbrizi buraxıb Livarcan tərəflərinə gəl. Bütün yoldaşlar da bunu məsləhət görür; buralarda gizlənmək mümkündür. Məşədi Səttar Zeynalabdinov Təbrizə getdi. Bunun üçün də sənə para göndərdik. Əmir Heşmətin məsələsi haqqında bizə təcili surətdə xəbər ver. Hərəkəti dayandırmaq lazımdır. Belə dar və qorxulu zamanlarda təbrizlilərin əhd-peymanına inanmaq yaramaz, onlar nə qədər təşkil olmağı, inqilab bayrağı altına toplanmağı bacarırsa, lazım gəldiyi zaman öz dostlarını satmağı da bacarırlar. Çünki biz 7-ci illərdən başlayaraq 9-cu illərə qədər bunu bir neçə kərə təcrübədən keçirdik. Ələkbər yoldaşın Təbrizdə qalması məsləhətdir. Onu burada aramaqdadırlar. Onun düşmənləri olan Hacı Məhəmmədrza uşaqları rus qoşununun İrana keçməsi münasibətilə təzə qüvvət toplamışlar. Bu gün Şüca kəndindən gələn var idi. Ələkbər yoldaşın ailəsi salamatdır. Hər cəhətcə təmin olunmuşlar. Haqverdi rəhmətliyin ailəsi də sağ-salamat yaşamaqdadır. Məktubu hərbi ləvazimat daşıyan şoferlə göndərdim. O bizim yoldaşımızdır. Cavabı da onunla göndərərsən. Hərgah mümkün olmazsa, İran Culfasından znuzlu Mirisa qardaşlarının mağazasına göndər. Bundan sonra İran teleqrafxanası vasitəsilə heç bir iş görməməlisiniz. Artıq oranın vasitəsilə gələn bütün teleqramları təftiş edirlər. Bütün yoldaşların sizə salamı vardır. Culfa, 3 məhərrəm. Məhəmmədhüseyn». * * * «Rəhm olunmasın!» Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi: «Üsyançı təbrizlilərə rəhm olunmasın!» Belə bir teleqram olmadan da, biz çar hökumətinin məqsədini bilirdik. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı. Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. Ələkbər yoldaşla bərabər şəhərə çıxmışdıq. Rusların nə kimi hərəkətdə bulunduqlarını öyrənmək istəyirdik. Küçələrdə çar soldatı və çar kazakları qaynaşırdı. Küçələrin tini, dar keçidlər, meydançalar və dalanların hamısında kazaklar durmuşdu. 1907-ci il 31 avqust müqaviləsi ilə «səlahiyyət» qazanmış çar, öz nüfuz məntəqəsi sayılan Təbrizi sakit etməyə və İran istiqlaliyyətinin «toxunulmaz» olduğunu isbat etməyə gəlmişdi. Mən və Ələkbər yoldaş şəhərə çıxdığımız vaxt «toxunulmaz» sözünün necə həyata keçirildiyini görmək istəyirdik. Küçələrdən keçən dinc əhalidən vəsiqə istənilirdi. Əhalidə vəsiqə haradan olmalıdır? Onlara vəsiqəni kim paylamışdır? Vəsiqəsi olmayanlarla, libasına görə rəftar edilirdi. Libas yeni isə saatı, parası alınır, etiraz etdiyi təqdirdə Şahzadə bağına sürülür, bəzən lazımınca döyülüb buraxılırdı. Qadınların qadın olmasını təyin etmək üçün çadraları açılıb üzünə baxılırdı. Çar konsulu, Əmir Heşmət nəzmiyyəsinin Təbrizdə gizlənildiyinə inanırdı, buna görə də onların paltarlarını dəyişib Təbrizdən çıxmış olduqları fikirlərinə gəlmirdi. Uzunətək kazakların molla cibindən dərin olan cibləri dilənçi torbası kimi ağzına qədər saat, üzük, gümüş və altun para ilə dolmuşdu. Bu qarət qeyri-rəsmi qarət idi. Biz rəsmi qarətləri görməklə də maraqlanırdıq. Yolumuzu hərəmxana küçəsindən saldıq, çünki nəzmiyyənin yerləşdiyi bina bu tərəflərdə idi. Nəzmiyyə idarəsi çar əsgərləri tərəfindən işğal edilmişdi. Zatən orada əski stollardan başqa bir şey də yox idi. Arxiv və lazımi vəsiqələr vaxt ikən götürülüb gizlədilmişdi. Zabitlər nə qədər axtarmışdısa, vəsiqə adlı bir parça kağız belə əldə edə bilməmişdi. Onların yerli-yersiz ana söyüşləri də həmin bu məhrumiyyətin nəticəsi idi. Üst-başını təmizləyə-təmizləyə çıxan bir zabit: – Köpək oğlanlarının nə özləri tapıldı, nə də izləri! Divardan asılan aparatsız telefon tellərindən başqa bir şey yoxdur, – deyirdi. Çar konsulu nəzmiyyəni əldə edə bilmədi; ancaq çoxdan bəri daşıdığı bir arzuya nail ola bildi. Konsul çoxdan Səttar xandan intiqam almağa çalışırdı. Bu onun üçün mümkün olmadı. Çünki Səttar xan Tehrana gedəndən sonra da Təbriz şəhəri inqilabçılar əlində idi. Bu gün konsul həmin fürsəti əldə edə bilmişdi... Səttar xan Tehrana köçdükdə, ev əşyasını aparmamışdı, çünki o, yenə Təbrizə qayıtmağa çalışırdı. Çar konsulu isə birinci növbədə inqilab qəhrəmanının əşyasını qarət eləmək və evini dağıtdırmaqla Təbriz xalqının üsyançı ruhunu öldürməyə çalışırdı. Əmrəxiz məhəlləsinə gəldiyimiz vaxt Səttar xanın qapısında bir neçə yük maşını durduğunu gördük. Bura həddindən artıq camaat toplanmışdı. Onlar inqilab qəhrəmanı Səttar xanın evinin nə cürə qarət olunmasına tamaşa edirdilər. Nizəli soldatların dağılmaq əmri verməsinə baxmayaraq, qapı ətrafındakı adamların sayı get-gedə artırdı. Bu camaatı bu qapıda biz birinci dəfə deyil, bir çox dəfələrlə görmüşdük. Bunlar hər gün Səttar xanın qapısında toplanaraq: «Zindəbad məşrutə! Zindəbad Sərdari-milli!» – deyən məsləksiz, əqidəsiz, vicdansız və satqınlığa öyrənmiş qaragürüh idi. Çar hökuməti üçün ən adi bir iş olan bu qarətə biz yana-yana baxır, lakin təəccüb etmirdik. Bizi ən çox heyrətə salan, Səttar xanın evinin dağıdılmasına tamaşa üçün toplanan arsızların söhbəti idi. Onların söhbətləri: – Ağa bədbaxtlıq burasındadır ki, haramzadanın özü Təbrizdə olmadı. Qaçıb Tehrana getməsəydi, elə özünü də tutub qoyacaq idilər bu şeylərinin üstünə, gözəl qulaqburması verəcəkdilər. – Gədə, bunların başına hava gəlmişdi. Bunlar imperator kimi böyük bir padşah ilə zarafat eləyirdi. – Ağa, Təbrizdə beş-on nəfər əclaf ilə bacarmaq olmur. – Belə ha! Hökumətə ilişiri, müctəhidə ilişiri, dinə, məzhəbə ücəşiri, imama, peyğəmbərə badalax atırı, axırda da tora düşiri. – Hələ bir çoxlarına qulaqburması vermək lazım gəlir. – Hərgah məşrutə islam dininə mütabiqdir, daha bizə məşrutə nə lazımdır, islam dininin özü məşrutə deyildirmi? Hərgah məşrutə islam dininə müxalifdir, xudavəndi-aləmin özü onu sərnigun buyurdu. – Hər kəs nə deyir qoy desin; urusun təklikdə bunlara gücü düşməzdi. Burada ingilis barmağı da var. – Əlbəttə ki var, ağa, bu yekəlikdə islam milləti sahibsiz deyil ki, bunların bir sahibi vardır, ya yox? – Rəhmətlik Şahi-şəhid sağ olsaydı, yenə də belə olmazdı. – Elə mən də bunu deyirəm də, bəs ingilis kimdir? Hələ siz indiyə kimi bilməmisinizmi? Onda ki, Şahi-şəhid İngilistana təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən xeylağı idi. Ağa, vurdu bu arvad Şahi-şəhidə bir könüldən min könülə aşıq oldu. Şahi-şəhid orada qonaq olduğu zaman, gecənin bir zamanı ingilis padşahı yavaşca qapını açıb barmaqları üstündə gəlib Şahi-şəhidin fəraşına. Şahi-şəhid dərhal bunu hiss buyurub yerindən qalxıb və deyib: «Ey çəpəli-qiysubridə gecənin bu zamanı mənim fəraşımda nə iş görürsən?» Ağa, ingilis padşahı elə ki, Şahi-şəhidin mütəğəyyir olduğuna mültəfit olur, durur Şahi-şəhidə öz vaqiəsində gördüyü röyanı nəql eyləməyə. Ağa, ingilis padşahının deməsinə görə, həzrəti İsa gəlib onun yuxusuna və deyib ki, istəyirsən sənin padşahlığını bu saatda əlindən alıb təxtini tabuta, tacını çürük kəllə tasına döndərim? Sən necə cürət etdin ki, öz evində qonaq yatan buzurgüvarın tək rəxt-xabda yatmasına razı oldun? Dur get onun rəxt-xabına! Mən necə ki, Allah-taalanın peyğəmbəri sənə müjdə verirəm. Sənə o buzurgüvardan bir övladi-zükur kəramət edəcəyəm ki, o İngilistanda padşah olacaq və bütün millətini öz himayəsi altına alacaqdır. Ağa, Şahi-şəhid elə ki, bu vaqiəni eşidib neçə dəfə salavat xətm buyurandan sonra, əlini əlinə çalıb xadimini çağırır və əmr edir ki, get bu saatda o biri otaqdan Sultanülvaizini hüzuruma çağır. Bir necə dəqiqədən sonra Sultanülvaizin siğəyi-mütəni cari buyurub gedir. Ağa, vurdu bu əhvalatdan doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə keçəndən sonra, xudavandi aləm, Şahi-şəhidə ingilis padşahından bir övladi-zükur kəramət buyurdu. O da indi haman ingilis padşahıdır. Bunu danmarıx ki... Biz orada durduğumuz zaman Şahi-şəhidin səfərləri haqqında daha bir çox sözlər eşitdik. II Nikolay da Şahi-şəhidin oğlu imiş. Şah Frəngistana getdiyi zaman III Aleksandra da qonaq olmuş imiş, Nikolay da III Aleksandrın arvadı boynuna Şahi-şəhiddən düşmüş imiş. Odur ki, o da qoşununu gətirib öz ata haqqını, ata irsini tələb edir. Rəhmətlik Müzəffərəddin şah öz sağlığında öz qardaşı Nikolayın payını bölüb özünə vermişdi. Rəşt, Gilan, Azərbaycan Nikolayın atadan yetişən irsi imiş. Bunu Şahi-şəhidin özü də öləndə vəsiyyət etmiş imiş. Amma məşrutəçilər buna razı olmadılar. Kişinin ata irsini vermək istəmədilər. İndi kişilər gəlib öz malına sahib olur. Ağa, haqqıdır da, danmırıx ki. Demək, İran avamlarının beynində və şüurunda yerləşən bu fəlsəfəyə görə, cənubi İranı da ingilis padşahı, öz ata irsi deyərək işğal etmişdi. Biz bu söhbətlərə qulaq verir və Səttar xanın bu kimi ibtidai düşüncəyə malik olan kütlələrə arxalanaraq inqilab etməsini, indi böyük bir möcüzə hesab edirdik. Danışmaqda olan bu həyulaların diqqət-nəzərini yeni bir hadisə cəlb elədi. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. Bir nəfər oxuya-oxuya gəlirdi: – Kor Əsgərdir! Kor Əsgərdir! – Səsləri eşidilməkdə idi. Hər kəs bir sözü təkrar edirdi: – Gədə, gör nə gözəl oxuyuru. – Özü yazırı. – Əlbəttə ki, özü yazırı. – Sinədəftər oxuyuru. – Heç savadı-zadı da yoxdur. – Allah vergisidir. Mən və Ələkbər yoldaş kor Əsgərdəki «Allah vergisi»nin məhsulu olan şeirlərini dinləmək üçün hamıdan artıq maraqlanırdıq. Kor Əsgər gəlib Səttar xanın şeylərini daşımaq üçün duran yük maşınlarının yanında dayandı. Onun əlindən gözlərinə kimi keçəl yarası basmış bir oğlan yapışmışdı, onun oxuduğu şeirlər inqilab qəhrəmanlarına yazılmış həcvlərdən ibarət idi. Bizə sərdar olub eşşək satanlar, Bizə sərdar olub kərpic atanlar. Tüfəng almış ələ yolçu, yolaxçı, Qulam qarpız satan, Qənbər boyaxçı. Döndü zamanə, döndü, Əncümən paymal oldu. Küçə xanəndəsi sözlərini oxuyub qurtardı, zabit ona bir manat rus parası verdi. O isə imperatora dua oxuya-oxuya uzaqlaşdı. Onun dalınca gəzən və oxuduqlarından nəşələnən müctəhid müridləri ilə bərabər çarın əmmaməli xəfiyyələri də keçib getdi. Mən bir kərə Ələkbər yoldaşa müraciətlə: – Təbrizlilər yeniliyi sevir. O yenilik dininə, əqidəsinə, istiqlaliyyətinə zərbə vursa da sevir, – dedim. Səttar xanın evinin şeyləri bitdi, sonra da binanın divarlarına dinamit qoyduqda xalqla bərabər biz də keçib getdik. Biz Ninanın evinə qədər küçələrdə cürbəcür hadisələrə təsadüf edir, cəza dəstələrinin müxtəlif həyasızlıqlarının şahidi olurduq. Ninanın konsulxanadan qayıdan vaxtı deyildi, ona görə də küçələri gəzdik. Şiddətli bir partlayış eşitdik, o partlayış vaxtilə Peterburqu və şah Tehranını titrətməkdə olan bir evin dinamitlərlə partlaması səsi idi. İnqilab qəhrəmanının evini partlatdılar. Bu səs bir çoxlarının şadlığına, bir çoxlarının da kədərinə səbəb oldu. Biz evə daxil olduqda Ninanı orada gördük. O: – Xəstələndiyimi bəhanə edərək işi buraxıb gəldim, – dedi. – Oturun, vəziyyət olduqca ağırdır. Cəza tədbirləri olduqca geniş və dəhşətlidir. Konsul Tehran və Peterburqa göndərdiyi teleqramlarda, Təbriz üçün bütün İrana dərsi-ibrət ola biləcək cəza tələb edir. Hələlik həbs ediləcək adamların siyahısını gətirmişəm. Nina bunu deyərək kiçik bir siyahı verdi. Siqətülislam. Şeyx Səlim. Ziyaül-üləma. Sadiqülmülk. Əli Müsyönun iki oğlu. Ağaməhəmməd tacir Qafqazlı və sairələri. Siyahıda Hacıəli davaçı və başqalarının adı yoxdu. Daha oturmadım. Ələkbər yoldaşla bərabər qalxıb getmək istədikdə, Nina: – Hara gedirsiniz? – deyə soruşdu. – Gedib Siqətülislamı xəbərdar etmək lazımdır. Bəlkə də, onlar çıxıb bir tərəfə qaça bildilər. Nina təəssüfedici bir hal ilə başına hərəkət verərək: – Vaxt keçmişdir. Oturun! – dedi. – Siqətülislam və başqaları hərbi səhra məhkəməsinin əlindədir. – Haradan bilirsən? – Siqətülislam konsulxanada düzəlmiş vəsiqəni imza etmək üçün çağırılmışdır. O vəsiqə çar ordusunun Təbrizi böyük müharibə nəticəsində işğal etdiyinə dair bir vəsiqə idi. Siqətülislam: «Bu barədə düşünməliyəm» deyərək vəsiqəni imza etmədi, bunun üçün də onu buraxmadılar, başqaları ilə bərabər hərbi səhra məhkəməsinin ixtiyarına göndərdilər. Rusiya hökuməti üçün belə bir vəsiqə düzəltmək və Təbrizin işğalını rəsmiyyətə salmaq lazımdı. Belə bir vəsiqəni imza etmək üçün Təbriz qoşununun rəisi Amanulla Mirzəyə də təklif edilmişdi. – İmza etdimi? – Xeyr, imza etmədi. Buna görə də onu Seyid Həmzə ziyarətgahından çıxarmaq üçün bir eskadron kazak göndərildi. Lakin o, bir hərbçi kimi davrandı, özünü öldürdü, təslim olmadı. Mən ancaq bunu deyə bildim: – Nə etməli? Biz onların hamısına Təbrizdən çıxmasını təklif etdik, qulaq asmadılar. Onlar çarın müstəmləkə siyasətinə məxsus düzəltdiyi planı lazımınca mənalandıra bilmədilər. Onlar bu planın dar ağacından, qanlardan, edam və həbslərdən, qarət və həyasızlıqlardan ibarət olduğunu xəyallarına belə gətirmirdilər. Nina: – Doğrudur, – dedi, – məsələ həbs edilənlərin müqəssir olub-olmamasında deyildir: Rusiya çarının sabunladığı kəndirə keçirmək üçün baş lazımdır, o baş kimin başı olursa-olsun fərqi yoxdur. Çar latış feodallarından bir addım da olsa irəli getməmişdir. İyirminci əsrdə çarlıq edən ikinci Nikolay müqəssirin boğazına keçməyən kəndirin küçədən gedən təqsirsiz bir nəfərin boynuna keçirilməsini əmr edən latış feodalının tayı deyilmi? İnqilab rəhbərləri Təbrizdən qaçıb getsələr belə, çar kəndiri boş qalmayacaq idi. Ancaq təqsirsiz əhalinin cəzalandırılması siyasətinin bizim üçün xeyirli cəhəti budur ki, bu siyasət kütlələrin birləşməsinə və ümumi mübarizə ətrafında toplanmasına səbəb olur və kütlələrin çar üsuli-idarəsinə qarşı nifrət bəsləməsi ilə nəticələnir. Bütün dünyada ən qorxulu bir siyasət varsa, o da ingilislərin müstəmləkə siyasətidir. Bu siyasət çar siyasətindən daha qorxuludur. Çar siyasəti açıqdan-açığa müstəmləkə xalqının azadlığını əzməklə milyonların nifrətini qazanırsa, «xalqa azadlıq gətirirəm» şüarı altında gələn ingilis müstəmləkəçiliyi avam Şərqin ingilis kralına qarşı rəğbətini qazanır, onu əzilmiş xalqların hamisi kimi göstərir. Biz hər şeydən əvvəl ingilis müstəmləkəçiliyi ilə mübarizəni gücləndirməliyik; çar müstəmləkəçiliyini yıxmaqda isə çarın öz siyasəti bizə kömək edir. Mən otura bilmirdim. Şəhərə çıxmaq qorxulu olsa belə, yenə də qalxıb dışarı çıxmaq istəyirdim. Ələkbər yoldaşla bərabər küçəyə çıxdıq, bir çox yerləri gəzdik. Nəhayət, yolumuz Dəvəçi qəbiristanı tərəfindən düşdü. Dəvəçi qəbiristanından, cümə axşamlarında olduğu kimi, camaatı yarıb keçmək mümkün deyildi. Lakin burada olanlar əksəriyyətlə soldatlar, kazaklar, bir də çar zabitləri idi. Burada seyidlər, mollalar və uzunətək don geyinməklə özünü mollaya oxşadan tacirlər də çox idi. Soldatlar ətraf küçələrdən toplandığı sarıqlıları qoyun sürüsü kimi sürüb qəbiristana tökürdü. Gəlmək istəməyənlər tüfəng qundağı ilə vurulur və nizələrlə təhdid edilirdi. Bunları qəbiristan ətrafındakı kanallar və ayaqyollarının yanına toplayırdılar. Onlar ayaqyollarına tökülən meyidləri çıxarmaq üçün gətirilmişdilər. Konsulxananın əmrinə görə bu işə məcbur edilənlərin əlli faizi Dəvəçi məhəlləsi və sair küçələrin bu günə qədər əks-inqilab cəbhəsində duran və rus soldatlarının intizarını çəkən seyidləri və mollaları idi. Təəccüblü burasıdır ki, hələ indi də onlar çar konsuluna inanır və bu işdən konsulun xəbəri olmadığını zənn edirdilər. Onlar çox həyəcanla danışırdılar: – Cənab general-konsulun bu işdən əsla xəbəri yoxdur. – Bə nəmənə! Əlbət ki, yoxdur. Hərgah cənab general bilsə, bunları tənbehsiz buraxmaz. – Həzərat, belə iş ola bilməz! Heç bir məmləkətdə üləmanın və seyidlərin hörmətinə toxunmaq cayiz deyil. Gedib ingilis konsulxanasına girmək lazımdır. – Getmişdux, qapılar bağlıdır. Qaytarıb dedilər adam qəbul etmirux. – Elə isə din əldən getdi! – İmamın zühuruna az qalıbdır! – Bəlkə, Qayimi Ali-Məhəmməd zühuri bizi bunlardan qurtara bilsin. Bütün bu sözlər bir fayda vermirdi. Onlar soyunub meyidləri çıxarırdı. Bəziləri ayağından başına qədər pislik içərisində idi. Minarələrdə azan verilirdi, «Həyyə ələssəlat» deyən azançılar mollaları namaza dəvət edirdi. Onlar isə azana işarə ilə, çar zabitlərinə namaz vaxtı yetişdirdiyini anladıb izah edə bilmirdilər. Onlardan birisi kazak zabitinə yaxınlaşaraq, iki əlini qulaqlarının bərabərinə aparıb üzünü göyə tərəf qaldırdı, əyilib sonra əllərini diz qapaqlarına qoydu, qalxıb yenə göyə baxdı və beləliklə... namaz üçün bir məşq elədi. Dil ilə də zabitə yalvaran var idi: – İbadət vaxtıdır, ağa zabit, icazə verin gedax Allahın ibadətinə! Zabit pislik qoxusunu hiss etməmək üçün burnunu tutdu və təpik ilə mollaların qarnından vurub dedi: – Get boğazına kimi pisliyin içərisinə gir, murdar ruh! Əks-inqilab təşkilatı olan «İslamiyyə» binasının qabağında toplanaraq: «İmperator dini-islamın nacisidir» deyən əks-inqilabçı mollalar, bu gün ilk dəfə olaraq imperatorun Təbrizə göndərdiyi «nicatverici» soldatları və zabitləri ilə tanış olurdu. Ölülərin kanallara və pislik yerlərinə tökülməsinin bir səbəbi də konsulun verdiyi əmr idi. Konsul bu əmrnamədə: «Hər kəsin evinin qarşısında rus ölüsü tapılarsa, evi qarət edilib binası uçurulacaq, ev sahibi həbsə alınacaqdır», – deyirdi. Konsulun divarlara yapışdırmaq üçün farsca çap etdirdiyi müraciətnaməni iki gün bundan əvvəl oxumuşduq. Yanımdan keçdiyimiz bir divarda da Hacı Səməd xan Şücaüddövlə tərəfindən buraxılmış belə bir müraciətnamə oxuduq: Təbriz camaatına «Məhərrəm ayının 6-sından başlayaraq Təbriz şəhərində idarəyi ürfiyyəyi-əksəriyyə elan olunur. Bu gündən etibarən hər kəsin evində silah tapılarsa, hər kəsin evində çar hökuməti qanununca müqəssir edilən adamlar gizlənirsə, hər kəs çar hökumətinin soldatına, yaxud çar himayəsində olan iranlılara hörmətsizliklə tanınmışsa, hər kəsin qapısının qarşısında çar soldatı öldürülmüşsə, haman evin ailəsi qurşuna düzüləcək və binanın özü də dağıdılacaqdır. Nemətabad, Hacı Şücaüddövlə Səmədxan 6 məhərrəməlhəram 1328 hicri». Ələkbər yoldaş bu müraciətnaməni oxudu və mənim sözümü təsdiq edərək: – Elədir ki, var, – dedi, – tutalım ki, müharibədə yaralanmış bir soldat ailəsində əsla kişi tayfası olmayan bir qapının qabağında yıxılmışdır, bu zaman ev dağılacaq və içindəki qız və qadınlar qurşuna düzüləcəkdir. Buna görə də əhali öz qorxusundan, küçələrdəki meyidləri toplayıb quyulara tökməklə izi itirmək istəmişdir. Qəbiristandan hələ çox da uzaqlaşmamışdıq. Bütün küçə dolusu şah və çar nökərlərinin sel kimi axıb gəldiyini gördük. Çəkilib bir tərəfdə durduq: keçməkdə olan dalısıüzülməz dəstənin qabağında məşhur çar nökəri və əks-inqilabda məşhur rol oynamış Hacı Mirqurban gedirdi. O, qollarını çırmalamış və əbasını yığışdırıb qoltuğuna vurmuşdu. O, üzünü camaata döndərib bu şeiri oxuyurdu: Lütfi-həq bato, müdaraha konəd, Tak ki əz həd begzəri rüsva konəd. Yəni: Allahın lütfü səninlə müdarə eylər, lakin ifrata varmış olsan, rüsvay eylər. Mirqurban bu şeiri oxuduqdan sonra, dönüb arxasınca gətirilən bir nəfəri söyürdü. Biz diqqətlə baxdıqda Şeyx Səlimin çar konsuluna təslim edilmək üçün tutulub aparıldığını gördük. Bizi təəccübə gətirən çar istila ordusunun hərəkəti deyildi, çünki onlara yuxarıdan belə əmr edilmişdi. Lakin bir təbrizlinin digər bir təbrizlini tutub çar hərbi səhra məhkəməsinə təhvil vermək üçün aparması olduqca təəccüblü iş idi. Mirqurban tez-tez Şeyx Səlimə dönərək onun saqqalına tüpürüb deyirdi: – İndi daha sənin inqilabından, sənin Səttarından, Bağırından qorxumuz yoxdur. İmperatorun qoşunu şir kimi dalımızda durmuş. Sizin nəslinizi Təbrizdən kəsəcəyəm, köpəkoğlu mənə Mirqurban deyərlər; sizi toyuq darını dənləyən kimi bir-bir dənləyəcəyəm... Mirqurbanın başında olan dəstənin içərisindən bir çoxları Şeyx Səlimə daş və buz parçaları atırdı. Onun başı və üzü dağılmışdı, saqqalından qan axırdı. Yenə də küçə oxucusu kor Əsgərin səsi eşidilirdi. O, Şeyx Səlimin məşrutə zamanında xalqa dediyi sözlərini nəzm ilə oxuyub camaatı güldürürdü. Verəcək yoxsula bir yağlı çörək məşrutə, Plovun hər düyüsü bircə çərək, məşrutə. Yeyəcək dadlı kabablar füqəra, Boynunu əyməyəcək varlılara. Axırı yonca yedik şam, nahar, Tapmadıq bircə tərək, məşrutə. Şeyx Səlim başını aşağı salıb gedirdi. O, heç bir tərəfə baxmayırdı. O, artıq ölümünü yəqin eləmişdi. Varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. Mən özümə bir daha nifrət etməyə başladım, çünki silah və ixtiyar əlimizdə ikən gələcəkdə zərər gözlədiyimiz xainləri məhv etməmişdik. Biz istəsəydik, Mirqurban, Mirməhəmməd, Hacımirzə-ağa və sair çar xəfiyyələrini, çar nökərlərini məhv edə bilərdik; yoldaşlar bu məsələni qoymuşdular, lakin mən etiraz etmişdim. Mən Mirqurbana diqqətlə baxdıqdan sonra, öz qəlbimdə dedim: – Siz bizim bir səhvimizin nəticəsində yaşayırsınız. Ümid edirəm ki, bizdən sonra gələnlər daha səhv etməyəcəklər. Onlar minlərcə yoxsul qanının axmasına səbəb olan Mirqurban, Mirməhəmməd, Mir Fətulla xanları cəzasız buraxmayacaqlar. Ələkbər yoldaş hirsindən titrəyərək dedi: – Silahlı qüvvəni buraxmamalı, axıra qədər vuruşmalı idik. * * * Çar konsulxanasında Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək: – Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi. «Möhtərəm Əbülhəsənbəy! Bizə üz verən böyük müsibət haqqında yazmaq artıqdır. Bu barədə bütün Təbriz xalqı bildiyi kimi, siz də bilirsiniz. Cənab konsulun yazdığına görə, mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar. Cənab Əbdülhəsənbəy, qohumluq əlaqəsini nəzərdə tutaraq, cənazə mərasiminin təntənəli keçməsi üçün rəfiqlərinizi və tanışlarınızı da dəvət edəsiniz. Zənnimcə, Nina xanımın iştirakı da lazımdır. Çünki cənazə mərasimində general-konsulun ailəsi də iştirak edəcəkdir. Günortaya bir saat qalmış təşrifinizin müntəziriyəm. Əqəl-sərdar Rəşid, həftumi-məhərrəm». Mən: – Getmək lazımdır, – dedim, – xüsusən bu günləri konsul ilə olan əlaqəni sıxlaşdırmağa və şübhələri rədd etməyə çalışmalıyıq. Biz oradan yenə də istifadə etməli və çar müstəmləkəçiliyi ilə mübarizə aparmalıyıq. Gedərik, Ələkbər yoldaşı da bərabər aparırıq. Vaxta çox qalmışdı, xidmətçi qadın samovarı gətirdi. Çayı Nina hazırladı. Bir az sonra Məşədi Kazım ağanın arvadı da Ninanın gəlməsindən xəbər tutduğu üçün gəldi. Onların gəlinləri Sənubər və Töhfə xanım da iki gündür ki, burada yaşayırmış. Onlar da Ninanı görməkdən şadlandı. Günortaya bir saat qalana qədər bir yerdə vaxt keçirdik, saat 11-də faytonu qoşdular; mən, Nina, bir də Ələkbər yoldaş sərdar Rəşidin evinə getdik. Sərdar Rəşid mənimlə bərabər Ələkbər yoldaşın da gəlməsini bilib: – Cənab ağa da bizi konsulun yanında sərafraz buyurdu, ağadan yerdən-göyə qədər razıyam, – dedi. Ələkbər yoldaş da fatihə verib Smirnova rəhmət oxurkən məni dümsüklədi. Nina Ələkbər yoldaşı İraida ilə tanış elədikdə: – Əbülhəsənbəyin şərikidir, bizim doğma qardaşımız kimidir, – dedi. İraida və sərdar Rəşid ikinci kərə Ələkbər yoldaşla tanış oldu. Mahru xanım gözə dəymirdi, bunun üçün də mən: – Mahru xanım bir yerəmi getmişdir? – deyə İraidaya müraciət elədikdə, o: – Yazıq qız bu bədbəxt hadisə üz verdikdən sonra xəstələnmişdir, – dedi. Mən və Nina icazə alaraq onun yataq otağına daxil olduq; o, doğrudan da, xəstə idi. Mən ona təsəlli verib dedim: – Siz çox ağıllı bir xanımsınız. Özünüz də müstəqil bir fikir daşıyırsınız. Zənnimcə, siz özünüzə üz verən hadisənin ağır olduğuna baxmayaraq, həyatınızın və gələcəyinizin də qeydinə qalmalısınız. Mahru xanım, hadisələrdən çox da darılmayın. Onların ağırlığına qarşı soyuqqanlı olmalısınız. Mahru xanım, siz bilirsiniz ki, dünya eniş-yoxuşludur, insanlar dünyanın eniş-yoxuşunu düşüb-çıxmağa məcburdur. Hələ siz düşünsəniz, sizə üz verən bədbəxtliyin minlərcə adama üz verən fəlakətlə bir günə düşdüyünü görəcəksiniz... Demək istəyirəm ki, siz tək deyilsiniz... Mahru mənim son cümlələrimi diqqətlə dinləyir, bir mənə, bir də Ninaya baxırdı. Sanki deyilmək üçün toplaşıb boğazında yumurlanan sözləri zorla geri qaytarır, nə üçünsə söyləməyə tərəddüd göstərirdi. Mən Ninadan çəkindiyini və danışa bilmədiyini hiss etdikdə, onun qızdırmanın təsiri ilə istilənmiş kiçik və ətli əllərini sığallayaraq dedim: – Mahru xanım, Nina həm sizi, həm də məni sevir. O sizin vətənin düşməni deyildir. O, təbrizlilərin qırılması və məmləkətin çar istilasında qalmasına razı ola bilməz. Danış, qorxma, Ninanı İraidaya oxşatma! Bu sözlərimdən sonra, Nina ağladı, əlini balışın kənarına qoyaraq Mahrunun hərarətli dodaqlarından öpərkən qara və mavi gözlərdən tökülən yaşlar bir-birinə qarışdı, sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı. Onların bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. Nina: – Gözəl Mahru! – dedi, – mən çar kazaklarının qamçısı altında əzilən İran yoxsullarının dostuyam, mənə öz qəlbinə inanan kimi inan! Bu söz üzərinə Mahru mənim əlimdən tutaraq sıxdı və soruşdu: – Siz o sözləri Nina xanıma demişsinizmi? – Demişəm, Nina siz sevdiklərinizin hamısını sevir. Mahru dilini çıxarıb hərarətdən qızarmış və qurumuş dodaqlarını islatdı və ah çəkərək dedi: – Xalqı qırdılar, yenə də qırmağa hazırlanırlar, namussuz qardaşım da bundan razıdır. Bu işlərdə iştirak etməyi özünə fəxr sayır. Qardaşım öz naməlum gələcəyini minlərcə İran yoxsulunun meyidləri üstündə qurmağa çalışır. Mahru yenə də ağladı. Nina isə onun haqqında: – Nə qədər gözəl, nə qədər safürəkli bir qadındır! – dedi. Söhbətimiz burada bitdi, çünki konsulxanaya hərəkət etmək vaxtı idi, sərdar Rəşid və İraida getməyə hazırlanmışdı. Mən və Nina xəstə olduğu üçün Mahrunun cənazə mərasiminə getməməsini məsləhət gördük, onu xidmətçi qadınla buraxıb vidalaşdıq. Bizi konsulxanaya aparan faytonlar çox yavaş gedirdi. Xüsusən konsulxana ətrafındakı küçələr qələbəlik olduğundan, faytonları adi yerişi ilə sürmək mümkün deyildi. Hər addımda təzə bir hadisəyə rast gəlmək və hər bir hadisədə, başqa bir dəhşətin şahidi olmaq mümkün idi. Şəhərdən tutulub kazakların qabağında Şahzadə bağına sürülən camaatın içərisində dörd nəfər də çarşablı qadın var idi. Qadınların çarşabları aralandıqda onların qırmızı haşiyəli nəzmiyyə libası geydikləri görünürdü. Rus kazakları bunların nəzmiyyə nəfərləri olduğunu və qadın libası geyinib Təbrizdən qaçmaq istədikdə tutulduqlarını söyləyirdi. Sərdar Rəşid faytonu saxlatdırdı, bizim zənnimizə görə, sərdar Rəşid də rus kazakları düşünən kimi düşünürdü. Biz isə buna inanmırdıq, çünki nəzmiyyənin cədvəlində yazılan və silah daşıyan bütün nəzmiyyə nəfərləri Təbrizdən çıxmışdı. Sərdar Rəşid kazak zabitini səslədi. Zabit dönüb faytona baxdıqda rus general-qubernatoru libasını geyinmiş və döşünə Rusiyanın ağ ikibaşlı qartal nişanını taxmış bir simanı görürkən irəli gələrək, əsgəri qayda ilə farağat vəziyyətini aldı, təzim ilə: – Eşidirəm, həşəmətli cənab, – deyərək, əlini qulağının yanında saxladı. Sərdar Rəşid ona azad durmaq icazəsini verməklə soruşdu: – Bu qadınları nə üçün həbsə almısınız? Zabit: – Bunlar imperator hökumətinə qarşı üsyan etmiş nəzmiyyə nəfərləridir, – dedi – qadın libasına girib şəhərdən qaçmaq istərkən tutulmuşlar. Sərdar Rəşid gülərək: – Yaxşı etmisiniz, lakin onlar kişi deyil. Onlar nəzmiyyəyə rəğbət bəsləyən, bunun üçün də özlərini inqilabçı nəzmiyyə libasına salan qadınlardır. Bunları aparın, ərlərini çağırıb cəzalandırmaq lazımdır, – dedi və faytonun hərəkət etməsinə əmr verdi. Kazak zabiti yenə də sağ əlini qulağına qaldırıb təzim edərək: – Eşidirəm, həşəmətli cənab! – dedi və dustaqları sürüb apardı. Biz heç bir söz demədik, bu mümkün də deyildi. Ancaq Nina qeyd etdi: – Şəriətin qara çarşabı öz inqilabına rəğbət bəsləyən bu qadınları əzməsə və kor etməsə idi, biz bir neçə gün bundan qabaq öz düşməninə qarşı silahlı mübarizəyə qalxan nəzmiyyə sırasında minlərcə silahlı türk qadını görmüş olacaqdıq. Mən buna cavab olaraq: – Təbriz qadınları öz sevimli nəzmiyyə nəfərlərinə, «qulamidilavər», yəni «rəşid oğlan» ləqəbini əbəs yerə verməmişdir, – dedim. Biz hələ bu söhbəti bitirmədən nəzmiyyə libası geyinmiş qadınların üzərinə gülən əks-inqilabçı güruhu, nəzmiyyəyə yazmış olduqları həcvi oxuyurdu: Qulam – dilavər olmuşam, İtlərə yavər olmuşam. Onda adım Qulamhüseyn, İndi də Xavər olmuşam... Ələkbər yoldaş mənə müraciətlə: – Sənin canına and olsun, insan bu cür işləri görəndə özünə iranlı adı verməkdən də utanır, – dedi. Nina da buna: – Utanmaq yox, fəxr etməliyik! – cavabını verdi. – İndiyə qədər, imperialist dövlətlər əlində müstəmləkə olan heç bir ölkədə İranda başlanmış üsyan hərəkatı qədər böyük bir hərəkat baş verməmişdir. Bunlar nə qədər üzüdönük olursa-olsun, öz qərargahını nə qədər tez-tez dəyişirsə-dəyişsin, lakin bunları inqilab hərəkatı ətrafında təşkil etmək o qədər də çətin deyil, təbrizlilərin cəbhəni tez-tez dəyişmələrinə səbəb rəhbərsizlikdir, dinçilikdir. Dinin əsasında olan əsirlik, bağlılıq və siyasi düşüncəsizlik, Təbriz xalqının həqiqi cərəyandan tez-tez ayrılmasına səbəb olur. Mən bu sözümü bir çox hadisələrdən alınan təcrübələrə əsasən deyirəm. Çünki əksəriyyətlə təbrizliləri siyasi yolundan sapdıran da və əcnəbilərə satan da din rəhbərləridir. Buna görə də Təbriz xalqına dinsizlik günəş və su kimi lazımdır. Mollalar, müctəhidlər, ümumiyyətlə, din rəhbərləri məhv edilməyincə, onların nüfuzu kökündən qırılmayınca iranlıları vahid bir fikrin ətrafına toplamaq mümkün olmayacaqdır. İranda inqilab yaratmaq üçün aralığa çıxan yeni rəhbərlər kəndlilərin inqilaba qoşulmaması səbəblərini də ruhanilərdə aramalıdır, çünki İran ruhaniləri ruhani olmaqla bərabər, həm də böyük bir mülkədardır. Mən Ninanın bütün fikirlərini təsdiqlə öz-özümə danışırammış kimi yavaşca qeyd etdim: – Padşahın özü də kənd alıb böyük mülkədar sayıldığı və şahın kəndlilərə məxsus torpağı mənimsəyərək öz xüsusi mülki hesab etdiyi bir ölkədə nə iş görmək olar ki?.. Nina: – Üsuli-idarə əleyhinə mübarizə aparmalı və ümumiyyətlə, torpaq məsələsini həll eləmək və torpağı xalqa paylamaq işini həyata keçirə biləcək bir üsuli-idarə yaratmalı! – cavabını verdikdə mən: – Belədir. İran inqilabının gələcək rəhbərləri bu xətt üzərində işləməlidir, – dedim. Konsulxana ətrafında əks-inqilabçılar tərəfindən təşkil edilmiş bir dəstə küçə xuliqanları oxuyurdu. İnqilabçı nəzmiyyənin haqqında yazılan həcvlər burada da təkrar edilirdi. Konsulxana qapısı çar rəiyyətləri, çar himayəsində olanlar, xəfiyyələr, casuslar və çar nökərləri ilə dolmuşdu. Həbsə alınacaq inqilabçıların siyahısını konsula vermək üçün tələsən əmmaməli və uzunətək çar casusları cin kimi bu qapıdan girib o biri qapıdan çıxırdı. Söbətlərin məzmunu bu idi: – Tutacağam! Göyə çıxsa da əlimizdən qurtarmaz! – Cəddimə and olsun, o, Təbrizdən kənara çıxmamış, çünki üstündə göz var. – Soruşmuşam. Lap gözü ilə görən adam mənə yerini demişdir. Hacı Mirzağa gəcbişirən, Hacı Mirqurban və Hacı Mirməmməd Smirnovun öldürülməsi münasibətilə qollarına qara bağlamışdı. Mən uzaqdan baxdıqda, onların əmmaməsinə yapışdırılmış ağ bir parça da gördüm. Yaxına gəldikdə ağ parçanın üstündə rusca yazılmış bu cümləni oxudum: «Əlahəzrət Rusiya imperatorunun Təbriz konsulxanası tərəfindən verilən himayə vəsiqəsi». İçəri daxil olduq. Konsul əvvəlcə mənim, sonra da Ninanın, İraida və sərdar Rəşidin əlini sıxdı. Mən Ələkbər yoldaşı ona tanış verərək: – Bizim ticarət şərikimizdir. Rusiyadan yenicə gəlmişdir. O, Təbrizdə baş verən bu hadisəni və imperator hökumətinə qarşı bu ədəbsizliyi, xüsusən cənab Smirnovun faci ölümünü eşidərkən, sizə başsağlığı vermək və bəyani təəssüf etmək üçün gəlmişdir, – dedim. Konsul onun əlini ikinci kərə sıxaraq: – Hərgah təbrizlilərin 20 faizi sizin kimi səmimi və nəcib adamlar olsaydı, iranlılar onlara mədəniyyət gətirən çar ordusunu çiçəklərlə qarşılayardı, – dedi. Boş kürsülərdə oturduqda konsul sərdar Rəşidə yanaşaraq dedi: – Ağa Mirqurbanın verdiyi məlumata görə mərhum Aleksandrın başını cavahirsatan Hacı Nağı kəsib aparmışdır. Həbs olunması üçün kazak dəstəsi göndərmişəm! Biz orada ikən konsula yenə də raport gətirdilər. Raportda Sadiqülmülk, Ağaməhəmməd Qafqazlı və sairlərinin həbs olunduğu xəbəri verilirdi. Konsul yeni həbslərlə əlaqədar olaraq öz katibinə müraciət edərək söylədi: – Səmədxana telefonla xəbər verin; asılacaq olanlar üçün təcili hökm göndərsin. Bunları saxlamağa vaxtımız yoxdur! Konsul bununla da zahirdə İranın daxili işlərinə müdaxilə etmədiyini göstərməyə çalışırdı. O, bütün təqsirli bildiyi adamların edamını Səmədxana tapşırır və təcili surətdə icrasını tələb eləyirdi. Zatən Səmədxan elə bunun üçün də Nemətabaddan gətirilmişdi. Biz burada eşitdiyimizə görə, Səmədxan Siqətülislam və onunla bərabər həbs edilənlərin asılması hökmünü imza etmişdi. Ələkbər yenə də bir ah çəkərək: – Ah İran, – dedi, sənin casusun da, cəlladın da özünsən! Bütün xalqını dar ağacından asaraq özün də altında oturub özünə ağlamalısan! Sən öz-özünü məhv edirsən! Bir saat orada oturduq. İyirmiyə qədər siyahı gətirdilər; sonların hər birisində qırx-əlli nəfər adamın adı var idi. Konsul onları bir-bir alıb öz katibinə verir və hər birisi haqqında bir cürə sərəncamda bulunurdu. Telefonla dar ağaclarının hazır olduğunu konsula xəbər verdilər. Konsul ucaboylu, arıq, boynu uzun, üzünün damarları qurumuş bir rus zabitinə yanaşaraq yavaşcadan nə isə dedi. Nina mənə dönərək: – Bu hərbi səhra məhkəməsinin sədridir. İnqilabçıları asmaq üçün Tiflisdən gəlmişdir, – dedi. Bu sözdən sonra mən onun üzünə baxa bilmədim. «İnqilabçıların qatilini görmək, əzabların ən şiddətlisidir!» – dedim. Cavahirsatan Hacı Nağını gətirdilər. O titrəyirdi, özünü tamamilə itirmişdi. Ondan kötəyi əsirgəməmişdilər. Baş-gözündə sağ yer yoxdu. Sərdar Rəşid ona qışqırdı: – Məlun, sən nə cürətlə cənab İsmayılı öldürdün? Hacı Nağı titrədi: – And olsun getdiyim Beytullaha, mən heç kəsi öldürməmişəm. O bizim qapının qabağında yıxılmışdı. Çılpaq idi, heç zadı yox idi. Siz bilirsiniz ki, mən nə bomba atıram, nə də güllə atmağı bilirəm, əlimdən heç bir şey gəlməz. Mən fağır və aciz tacirin birisiyəm, indiyə kimi bir xoruz başı da kəsməmişəm. – Bəs onun başını nə üçün kəsdin, vələdüzzina? Bu nə rüsvayçılıqdır? – Mən kəsmədim. Getdiyim on dörd məsum haqqı kəsmədim, başına dönüm, kəsmədim axı! – Kim kəsdi? Nə üçün gizlədirsən axı? – Hammala bir tümən verdim, kəsib saldı torbaya verdi mənə. – O sənin nəyinə lazım idi? – Mənim qardaşım Hacı Tağını soldatlar tutub təqsirsiz yerə öldürmüşdü. Mən haman başı kəsdirib onun uşaqlarına apardım, onlara dedim ki, bu sizin atanızın qatilinin başıdır. – Sonra başı hara atdın? – Dəvəçi məhəlləsində Üskülülər bazarçasındakı hamamın tulanbarçısına vermişəm. İnanmırsınız, çağırıb soruşa da bilərsiniz. Bu söz üzərinə həm konsul, həm də sərdar Rəşid təəssüfedici bir surətdə: – Yəqin ki, mərhumun başını yandırmışlar, – dedi. Konsul dərhal tulanbarçının gətirilməsinə əmr verdi, Hacı Nağını isə Şahzadə bağındakı qoşun qərargahına göndərdilər. Hacı Səmədxanı Nemətabaddan Təbrizə gətirmək üçün göndərilmiş heyətin sədri Etimadüddövlənin gəldiyini konsula xəbər verdilər. Etimadüddövlə içəri girdi. Olduqca yaltaq bir surətdə konsula yanaşdı və əlini döşünə qoyaraq əyilməyə adət etmiş başını əydi və Hacı Səmədxan Şücaüddövlədən konsula gətirdiyi məktubu iki əli üstə təqdim elədi. Məktub farsca yazılmışdı, oxumaq və konsula tərcümə etmək üçün konsulxana mütərcimlərindən Mirzə Ələkbər xana verildi. «Cənab general! Etimadüddövlə iltifaqkəranə bir surətdə yazılmış məktubunuzu verməklə bərabər haqqındakı dustanə düşüncələriniz barəsində şifahən söylədi. İmperator hökumətinin bu həqirə həvalə etdiyi böyük vəzifə mənim və mənim familiyamın hamısını sərafraz buyurdu. İmperator hökumətinə nisbət səmimi bir xidmət göstərmək arzusu çoxdan bəri bəslədiyim bir arzudur. Bu gün mən cənab generalın məktubunu aldıqda həmən arzulara nail olduğumu təyin etdim və şadlandım. Allah şahiddir ki, bu həyasızların imperator hökumətinə nisbət göstərdikləri nankorluq və icra etdikləri ədəbsizlik mənim əsəblərimi həddindən artıq pozmuşdur. Özümü xeyli fəna hiss edirəm. Buna baxmayaraq, imperator hökumətinin təklif buyurduğu Azərbaycan valiliyi vəzifəsini böyük məmnuniyyət və fövqəladə bir şadlıqla qəbul edirəm. Hazırda öz əsəblərimi sakit etmək üçün Nemətabadda imam Hüseyn təziyəsi ilə məşqulam. İnşallah Təbriz şəhərinə məhərrəməlhəramın 14-də daxil olub işə başlayağacam, bu müddət içərisində hökumət işlərini Nemətabadda idarə etməyimə icazə verməyinizi rica edirəm. İnşallah Təbrizə varid olduqdan sonra məmləkətin idarəsi haqqında düzəltdiyim layihəni sizə təqdim edəcəyəm. Layihəni hazır olduğuna baxmayaraq, Etimadüddövlə ilə göndərməyi məsləhət görmədim. Cənab Etimadüddövlənin imperator hökumətinə səmimi məhəbbət bəslədiyi haqqında yazmaq artıqdır, çünki onun imperator hökumətinə nisbət göstərdiyi keçmiş xidmətlərini cənab general bilməmiş deyildir. Cənab general, həyat baqi olursa, Etimadüddövlə kimi yüzlərcə imperator nökərlərinin mövcud olduğu haqqında qənaət hasil buyuracaqsınız. Çıxarılan qərarların imza olunmaq üçün Nemətabada göndərilməsini rica edirəm. Nemətabad, həftümi-Məhərrəməlhəram, Səmədxan». Məktub oxunub qurtardı. Konsul katibə müraciətlə Nemətabad ilə konsulxana arasındakı telefon xəttinə diqqət verilməsini tapşırdı. Səmədxan qəsdən Təbrizə hərəkət etməsini təxirə salır, bu gün və sabah dara çəkiləcək inqilab rəhbərlərinin işində iştirak etmədiyini xalqa göstərmək üçün özünü kənara çəkmək istəyir və məsuliyyətdən qurtarmağa çalışırdı. Lakin onun edam cəzası hökmünə imza atdığını bilməyən yox idi. Tulanbarçını gətirdilər. Onu kazaklar lazımi qədər döymüşdü. Gözünün yanları göyərmiş və sulu qabar bağlamışdı, burnunun qanı döşünə axırdı. Konsul kazak zabitinə müraciətlə: – Bunu nə üçün döydünüz? – dedikdə, zabit farağat vəziyyətini alaraq təzim etdi: – Həşəmətli cənab, siz döyməmək barəsində əmr etməmişdiniz. Buna görə biz bunu da ümumun cərgəsinə daxil etdik. Tulanbarçı cibindəki kirli dəsmalını çıxarıb əli ilə başında saxlamışdı. Çünki tüfəng qundağı ilə parçalanan başından qan axırdı. O, ayaq üstündə dura bilmirdi, onsuz da yaşlı və zəif bir kişi idi. Onun əynindəki bütün əlbisə 40 qəpiyə dəyməzdi. Ona oturmaq icazəsi verdilər. O, gözünü gəzdirib oturanlara baxdı. Sərdar Rəşidin iranlı olduğunu bilərək ona dedi: – Ay ağa, mən fəqir adamam, təqsirim nədir? Hacı Nağı bir urus başını gətirib verdi ki, bunu at tulanbarda yansın. Mən də sözündən çıxmadım, mən nə biləydim başıma bu qəza gələcək? Sərdar Rəşid ona təcili sual verdi: – Sən başı yandırdınmı? – Xeyr! Yandırmadım. Öz-özümə dedim ki, urus olanda nə olar? Mən Allah deyiləm ki, insanı odda yandıram. Qoy o dünyada Allah-taala özü necə bilir, elə də eləsin. – Bəs sən başı hara atdın? – Axı, mən başı niyə atıram? Dəfn elədim. Tulanbarçının sözlərini konsula tərcümə etdilər, konsul çox razı qaldı, himayə vəsiqəsi verildi, yaralarına müalicə üçün əsgəri xəstəxananın həkiminə göndərildi. Tulanbarçı bir az özünə gələrək konsula, sərdar Rəşidə dua etməyə başladı. Ona iki kazak qoşaraq başın dalınca göndərdilər. Konsul bu dəfə kazaklara tapşırdı ki, onu döyməsinlər. Ondan sonra Hacı Nağı haqqında qərar çıxarılmağa başladı. Burada sərdar Rəşid özünün Hacı Nağı ilə olan əlaqəsini və ona olan borclarını, İraida ilə evlənərkən Hacının qiymətli daşlar hədiyyə verdiyini unutmayaraq onu ölümdən qurtardı. Konsul onun fikrini soruşarkən o: – Bu cür müqəssirlər Təbrizdə on minlərcədir, zənn edirəm ki, imperator hökuməti öz müqəddəs və mədəni əlini hər bu cürəsinin qanına boyamaz. Ancaq müqəssiri də cəzasız buraxmaq olmaz, mən məsləhət görürəm ki, onun bütün əmlakı və ev şeyləri müsadirə olunsun və evi də dinamitlə dağıdılsın, özü də hələlik həbsdə qalsın, bu barədə sonra düşünərik. Bu təklifə oradakıların hamısı şərik oldu, fikrin icra edilməsi üçün kazak zabitinə əmr verildi. Smirnovun başını gətirdilər. Onu meyidin olduğu tabuta qoyub apardılar. Tabutun Rusiyaya göndərilməsi qərarı çıxarıldıqdan sonra biz konsula ikinci kərə bəyani-təziyət edərək ayrıldıq. * * * Məşədi Kazım ağa Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi. Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər. Mən indi başqa bir iş görə bilməzdim. Təbrizdə mövcud olan inqilabçıları çarın himayə vəsiqəsi ilə təmin etmək və onlara qaçmaq imkanı qazandırmaqdan başqa bir fikrim yox idi. Amerika konsulxanasından əldə edilən vəsiqələri Həsənağa və Tütünçüoğlu vasitəsilə paylatdırmışdım. Fəqət iki yüz nəfərlik vəsiqə kifayət etməzdi, çünki Təbrizdə minlərcə inqilabçı mücahid vardı. Çar xəfiyyələri onları tutub çar hərbi səhra məhkəməsinə vermək üçün qapı-qapı gəzirdi. Çar konsulu Səttar xan ilə birlikdə inqilabi mübarizədə bulunan hər bir mücahidin tutulması və ələ keçirilməsi üçün müəyyən mükafat təyin etmişdi. Nina və miss Hannanın vasitəsilə ələ gətirdiyim himayə vəsiqələri, məhərrəmin beşindən yeddisinə qədər yüz qırx beş inqilabçının Təbrizdən qaçmasına imkan yaratmışdı. Biz qaçanların hamısının özünü və ailəsini biraylıq məsariflə təmin etmişdik. Paramız var idi. Qaça bilən inqilabçıları yenə də təmin edə bilərdik; lakin vəsiqə az idi. Biz isə Hacı Səmədxan Təbrizə girincəyə qədər yoldaşları Təbrizdən qaçırmalı idik, çünki Səmədxan konsulxanaya verdiyi təlimatda kütləvi həbslərin ancaq o, Təbrizə daxil olduqdan sonra başlanmasını məsləhət görürdü. Onun şəhərə daxil olması vaxtına isə yeddi gün qalırdı. Mən Ninanı Ələkbər yoldaşla bərabər evinə yola saldıqdan sonra şəhərə çıxdım. Şəhərdə qoyulan soldatlar və kazak dəstələri hər addımda vəsiqə soruşurdu. Bir çoxları vəsiqəni tez-tez cibindən çıxarmamaq üçün onu sancaq ilə köksünə yapışdırmışdı. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. Bu halda mənim başıma yeni bir fikir gəldi: – Bu vəsiqələrdən düzəltdirmək lazımdır. Dəhşətli qarət davam edirdi. General Çernozubovu Təbrizə göndərən Vorontsov-Daşkov, sanki Fransaya girən alman ordusuna Bismarkın verdiyi aşağıdakı təlimatı vermişdi: «Getdiyiniz ölkədə göz yaşından başqa bir şey buraxmayın». Mən Tiflisdən Vorontsov-Daşkov tərəfindən general Çernozubova verilən bu təlimatı üç gün bundan qabaq bilirdim. Lakin çar konsulu öz hərəkəti ilə Bismark dövrünə deyil, vəhşilik tarixinin daha gerilərinə çəkildi; o, X əsrin feodallarına məxsus bir xətt-hərəkət götürdü və müharibəsiz alınan şəhərin mallarını qarət etməklə kifayətlənməyərək, qadın və qızları da qarət mallarına qoşdu. Mən bütün bu mənfur mənzərələri gözdən keçirir, təbrizlinin bugünkü fəlakətini, özümün başqaları üçün hiss edilməz və dinlənilməz olan dəruni fəryadlarımla qarşılarkən, yanımda duran iki nəfərin söhbəti mənim bütün varlığımı titrətdi: – Qoy daşıyıb aparsınlar. Bunlar çar təbəəliyini qəbul edən tüccarə, çar casusu deyənlərdir! Qoy talasınlar! Bu sözləri deyənlər çar təbəəliyini qəbul etmiş məşhur Hacı Həbib Ləkli ilə bir də Hacı İbrahim Sərraf idi. Bunlarla yan-yana bir çox çar himayəsində və çar təbəəliyində bulunan tacirlər də durmuşdu. Hamısının da sözləri məzmunca bir idi. Bu sözləri dinlədikcə əsəblərim pozulur və vücudum titrəyir, soyuqqanlılığımı çox çətinliklə mühafizə edə bilirdim. Oradan uzaqlaşmağa və əsəblərimi sakit etməyə qərar verdim. Qayıtdım. Bir o qədər də getməmişdim ki, ağlamaq səsləri eşitdim. Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. Belə səsləri və bunun kimi qəlb titrədici ağlamaqları ancaq bir meyidin tabutunu evdən çıxaran zaman eşitmək olardı. Mən belə də zənn edirdim. Qapıların birisindən meyid çıxarıldığını düşünürdüm, çünki qapıda varlı, yoxsul, fağır, dərviş, dilənçi, bir çox adam toplanmışdı. Lakin məsələ mən düşündüyüm kimi deyildi. Qapıdakılar bir-biri ilə aşağıdakı sözləri danışırdı: – Kazaklar silah axtarmaq bəhanəsi ilə Hacı Əli ağa Xətayinin evinə girib, iki qadını öldürmüşlər. Qadın və qızların həyətdən küçəyə əks edən fəryadı məni sarsıtdı və iradəm tamamilə əlimdən alınmış kimi, özümü saxlaya bilməyərək, divara söykəndim. Başımdakı fikirlər bir-birinə qarışdı, mən o fikirlərin içərisində çırpınırkən, qarşımda bir fayton olduğunu dərk etdimsə də içində kim olduğuna əhəmiyyət verə bilmədim. Buna imkanım da yox idi: gözlərim bu qədər cinayəti görməkdən, beynim isə ehsas etmək və duymaqdan yorulmuşdu. Başımı aşağı dikmişdim; vücudum sanki ağır bir məngənə içərisində sıxılırdı. Bir əl mənim başımı qaldırdı. Başımı qaldırınca, hər şeydən əvvəl, gözüm brilyanta tutulmuş qol saatına sataşdı. Mən hər gün o saatı miss Hannanın qolunda görərdim. – Mənim əziz dostum, burada nə üçün durmusan? Bu səs məni yerimdən tərpətdi: – Özümü çox fəna hiss edirəm, rahatsızam, – dedim. Miss Hannanın rəngi ağarmışdı. Bu vəziyyətim ona təsir edir və öz-özünə danışırdı. Onun müəmmalı və mübhəm tənqidlərinin çar üsuli-idarəsinə qarşı çevrildiyini hiss etmiş deyildim, lakin onun danışdıqlarına cavab verəcək qüvvətim yox idi. Miss Hanna mənim qulağıma farsca: – Mən tora mifəhməm. – Mən səni anlayıram! – sözünü çox yavaşdan deyərək, məni özü ilə bərabər faytona əyləşdirdi. Biz örtülü faytonda gedir və küçədə icra olunan cinayətləri görmürdük. Lakin bir-birinin dalınca, o cinayətlər səbəbi ilə qoparaq getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. Miss Hanna ətirli dəsmalını çıxarıb mənim gözlərimi silərkən, mən ona aşağıdakı şeiri oxudum. İlaci bükon göz diləm xun nəyayəd, Sirişk öz roxəm pak kərdən çi hasil? Miss Hanna şeiri dinlədikdən sonra bu cavabı verdi: – Mən bilirəm ki, sən bu həyasız və dəhşətli mənzərəyə baxa bilmirsən, çünki bu yerlər sənin vətənindir. Lakin siz bugünkü ağır vəziyyəti görmək məcburiyyətindəsiniz, bu hadisə gərək baş verəydi! – Nə üçün? – Çünki siz çar hökumətinin aciz və xırda feodallardan ibarət olan Şərq ölkələri hesabına genişləndiyini gördüyünüz halda, öz ölkənizi xırda feodallar ölkəsi olmaqdan qurtarıb mərkəzləşdirə bilməmişsiniz. Buna görə də istər İngiltərə, istər Rusiya hökumətləri mərkəzi hökuməti güzəştə məcbur etmək üçün kiçik feodalları çox asanlıqla ələ gətirə bilir və məqsədinə də nail olur. Sən heç də darılma. İran bu qurbanları verməyə məcburdur; xalqı da ayağa qaldıran və inqilab ətrafına toplayan bugünkü qurbanlar olacaqdır. Evə gəldik. Amerikalı qız öz redikülündən iyirmi beş dənə əlavə himayə vəsiqəsi çıxarıb verdi: – Bunu da tanışlarınıza verin, yenə də gətirəcəyəm. Mən iranlıların dostuyam, sənin dərdlərinə hər zaman şərik ola bilərəm. Ona təşəkkür etdim, sonra da qız Amerika konsuluna verilən notanı oxudu. Çar konsulu bu notasında edam ediləcək adamlar haqqında məlumat vermişdi: «Beynəlxalq qanunları ayaqlayan, avropalıların həyatını təhlükə altına qoyan və böyük dövlətlərin razılığı ilə Təbrizdə sülhü-səlaməti bərpa üçün gələn rus soldatlarına hücum edənlər edam ediləcək və edam edilənlərin siyahısı əlavə olaraq cənab konsula göndəriləcəkdir». Qalxıb getmək istəmirdim, çünki son günlərin həyatı plansız və məqsədsiz keçirdi. Buna görə də uzun-uzadı söhbət etdik. Qız rahatlığımı təmin üçün əlindən gələni əsirgəmirdi. Nəhayət, axşam saat doqquzda oradan hərəkət etdim. Evə gəldim. Lakin evdə heç kəsi görmədim, Hüseynəli əmi yenə də həyətdə çubuğunu qurdalayır və Səriyyə xala ilə söyüşürdü. Onlar məni görən kimi səslərini kəsdi. Hüseynəli əmi isə mənə yanaşaraq: – Sizi xanımgildə gözləyirlər, – dedikdə, mən qayıdıb Ninanın evinə yola düşdüm. Nina konsulxanadan qayıtdıqdan sonra xəstələnmiş və bayılmışdı. Onun yataq otağı bir yas məclisinə dönmüşdü. Nina hələlik özünə gəlməmişdi. Təhminə xanımın qızları ilə özü də ağlayırdı. Məşədi Kazım və Ələkbər yoldaş isə Təbriz inqilabının daha bir qəhrəmanını itirəcəklərini zənn edərək həyəcanlanırdılar. Mən bu vəziyyəti görürkən özümü unudub bu zavallı qızın qeydinə qaldım. Həkim dalınca heç kəs getməmişdi, çünki küçələrə çıxmaq qorxulu idi. Buna görə də mən konsulxana həkiminə müraciət eləmək üçün getmək istədim. Biz həkim gətirmək üzərində məsləhətləşirkən, Nina əlini hərəkətə gətirdi. O, əli ilə lazım deyil işarəsini verdi. Ninanın özünə gəlməsi hər kəsi sevindirdi. Sənubər və Töhfənin dodaqları onun dodaqlarına yaxınlaşırkən, Ninanın qolları qalxıb onları qucaqladı. Bir neçə saniyə onların saçlarını sığallayaraq Nina heç bir söz danışmadı. Nəhayət: – Qorxmayın, heç bir şey yoxdur, – dedi, – ürəyim keçmişdi, bir azca su verin. Ona su verdilər. Sonra gözlərini açaraq: – O gəlmədimi? – deyə soruşduqda mən: – Nina, buradayam. Özünə ürək ver, ölənlərlə ölmək yaramaz, yaşamaq və yenə də işləmək lazımdır! – dedim. Nina gözlərini dolandırıb mənə baxdı. Onun baxışlarından etiraz etmək istədiyi görünürdü. Mən onun əlini əlimdə saxladığım zaman bütün vücudunun titrədiyini hiss edirdim. Onun varlığı tamamilə sarsılmışdı, o bu hadisələrin ağırlığını çəkə bilmirdi. Amerikalı qızın evində intihar etmək dərəcəsinə gəlməsəydim, yaxud küçədə bayılıb divara söykənməsəydim, onda mən də başqaları kimi, qadınlar haqqında başqa cür düşünəcək və qadın qəlbinin mətanətsiz və zəif olduğunu iddia edəcəkdim. Lakin Nina öhdəsinə götürdüyü vəzifə etibarilə qadınlar haqqındakı yanlış düşüncələrin tam mənasilə ortalıqdan qalxmasına meydan açdı. Nina məndən və mənim kimi bir çoxlarından daha mətanətli, daha qüvvətli çıxdı. O, bir qadın olaraq inqilab hərəkatında öz dəyərini lazımınca göstərdi. O, başını qaldırıb yerində oturdu. Qonaqlara müraciətlə: – Yəqin ki, bu gecə sizi qonaq edə bilməyəcəyik. Təhminə xanımın başı mənə məşğul olduğundan hazırlıq görməmişdir, – dedi. Təhminə xanım: – Yox, hazırlıq vardır, – dedi, – səhərdən dilinə bir şey dəyməmişdir. Bəlkə, qonaqların səbəbinə sən də bir şey yeyə biləsən. Nina bir söz deməyib süfrə salınmasına razı oldu. Süfrəni onun yataq otağında döşədilər; qollarını sevinclə açaraq dərin və yorğunluq çıxarıcı bir nəfəs aldı və: – Min şükür olsun ki, özümüzünkülərin hamısı buradadır, – dedi. – Amma bilmirəm Əsədin başına nə gəldi? Hələ süfrə tamamilə döşənməmişdi ki, qapı vuruldu. Təhminə xanım qapıya getdi. Bir az sonra Tütünçüoğlu əlində bir səbət içəri girdi. Gecə saat 12-də onun küçəyə çıxmasına hamımız heyrətləndik. O, əlindəki səbəti yerə qoyub soyundu, paltosunu aparıb balkonda asıb içəri girdi. Mən ona sual verdim: – Əsəd, gecənin bu vaxtında nə üçün evdən dışarı çıxdın? – Əlimdə vəsiqə vardır. Kimdən və nədən qorxacağam? Mənim canım bacının canından artıq deyil ki? – Sənə Ninanın xəstəliyini kim dedi? – Həsənağa xəbər verdi. O, evi yalnız qoyub gələ bilmədi. Nazənin xanımı da götürüb gəlməsinə mən razı olmadım, mən özüm də evdən nigaran deyiləm. Çünki orada qoca anamdan başqa heç kəs yoxdur. Subay oğlanın birisiyəm. Nina ona sual verdi: – Bəs o səbətdəki nədir? – Üzümdür, qış hulusudur, heyvadır, bir də qarpızdır. Sənin payındır, saxlamışdım, dedim başıma bir qəza gələr, gətirə bilmərəm. Anam da dedi ki, o xəstələnibdir, sərin şeylərdir, götür get, bəlkə, yedi. Ninanı, indiyə qədər bu gecəki kimi şad və mehriban görməmişdim. O, Tütünçüoğlunu yanına çağırıb üzündən öpdü: – Sağ ol, qardaşım! – dedi. – Mən bütün qanım və ruhumla qaynayıb sizə qarışmışam, sizdən heç vaxt ayrılmayacağam. Şam yeməyi bitmişdi, gecə saat iki idi. Ninanı buraxıb getmək mümkün olsaydı belə, küçələrə çıxmaq məsləhət deyildi, buna Nina da razı deyildi. O: – Bu gecə nə sizi buraxacağam, nə də özüm yatacağam, – deyirdi. Mən: – İndi ki, biz burada qalmalıyıq, gecəni səhər etmək üçün uzun və məşğuledici bir söhbət tapmaq lazım deyildirmi? – deyə məclisə bir sual verdim. Nina: – Qoy Məşədi Kazım ağa öz başına gələndən və öz inqilabi fəaliyyətinin tarixindən söhbət eləsin, – deyərək Məşədi Kazım ağanı çıxılmaz bir vəziyyətdə qoydu. O, ilan kimi qıvrılmağa başladı və Ninaya müraciət edərək dedi: – Ay bacı, axı mən nə danışım? Doğrudur, mən inqilabçıyam, amma bununla belə tacir babayam. Alış-veriş söhbəti də ki, burada olanların xoşuna gələn söhbət deyil. Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir, hətta üç-dörd dəfə bunun vasitəsilə amerikalıların qulağını yaxşıca kəsdim, beş-on şahı qazandıq, inqilaba da kömək oldu, buna baxmayıb yenə də mənim söhbətimə güləcəklər. Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. Nina onun yaxasından əl çəkmədi, yenə də soruşdu: – Əcəba, inqilabdan danışa bilməzmisiniz? – Axı niyə bilmərəm? Orada iştirak etməmişəmmi? – Elə mənim də istədiyim bu deyilmi? Mən istərəm ki, sizin inqilabda nə cür iştirak etdiyinizi öyrənim. Bundan da maraqlı bir söhbət ola bilərmi? Danışın görüm nə cür iştirak etdiniz? Məşədi Kazım ağa: – Elə belə də! – deyib durdu, əllərini bir-birinə sürtərək üzümüzə baxdı. Onun göz bəbəkləri də özünün bir məcburiyyət qarşısında durduğunu və çıxılmaz bir vəziyyətdə qaldığını ifadə edirdi. Mən Məşədi Kazım ağanı gözəlcəsinə anlayırdım. Nina onun ən qıdıqgələn yerindən yapışmışdı. Nina bir tacirin inqilaba nə məqsədlə yanaşdığını öyrənmək istəyirdi. Məşədi Kazım ağa isə öz məqsədini bildirmək və özünün iç üzünü açmaq istəmirdi. Nina ona bir sual daha verdi: – Yəni necə «elə belə də?» – Yəni dediyim budur ki, elə belə də. İnqilabçıyıq da... – İnqilabda iştirak etdinizmi? Yenə də edəcəksinizmi? – Edərüx də, etmərüx də? Bə neynərüx? Hamımız güldük. Çünki Məşədi Kazım ağanın ikimənalı sözündən bir şey anlaşılmadı, o özünə verilən tələbatın altından çıxmağa can atsa belə, bacarmadı. Nina onu yenə də məcbur etdi: – Mən dediyim budur ki, siz inqilabda nə cür və nə üçün iştirak etdiyiniz haqqında bizə danışasınız. Məşədi Kazım ağa gülümsəyərək dedi: – İnqilab etmişüx, edəcəyüx, də necə də ki, etməyəydüx? Etdüx. Amma dalda demirəm. Yoldaş Əbülhəsənbəyin üzünə deyirəm, hətta bir gün geyinib səngərə də getdim. Yaxşı da geyinmişdim. Piştov və sair kəm-karastımı götürmüşdüm, amma bombanı yoldaş atan kimi mən özümü itirdim, buna baxmayıb oturmuşdum. Yoldaş özü də buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. Mən də durub çıxıb gəldim. Amma Allah şahiddir ki, mən inqilab yolunda malımdan, canımdan keçən adamam. Mənim bu az xidmətimi inqilabçılar qəbul etsələr, özüm də çox şad olaram. Məşədi Kazım ağa bunları deyib durdu. O bununla da Ninanı qane etdiyini düşünürdü, buna görə də mən: – Sənin inqilabda xidmətin çoxdur, sən inqilabçı tacirsən, ancaq başqalarına bənzəmirsən. Sən inqilabın paraya ehtiyacı hiss etdiyi günlərdə öz paranı əsirgəmədin. Özünə təklif edilmədiyi zamanlarda belə para təklif etdin. Lakin başqa varlılar belə deyildi. Səndən yüz qat varlı olanlar, inqilaba beş şahı yardım verməmək üçün köçüb əks-inqilab qərargahına getdi. Bunların hamısı nəzərdədir. Sənin bu xidmətin, doğrudan da, inqilab tarixində qeyd ediləcək xidmətlərdəndir. Lakin inqilabda olan iştirakın bununla bitmiş olmur, səni inqilabçılar sırasına cəlb edən bir səbəb vardır ki, Nina da onu öyrənmək istəyir. Məşədi Kazım ağanın gəlinləri Töhfə və Sənubər də onu yaxaladı. Onun sağ və solunda durub, Ninanın sualına cavab verməsini təkidən tələb edirdilər. Məşədi Kazım ağa məclisdə əksəriyyətin tələb etdiyini görərək mənə bir sual verdi: – Nə buyurursunuz, danışım ya yox? Yersiz düşməz ki? – Çox da yerlidir. İndi ki, inqilabçısan, nə üçün də bunun səbəbini söyləməyəsən? Ninadır, görəsən, haradan bu fikir onun başına gəlib. Yaxandan əl çəkməyəcəkdir! O artıq danışmağa hazırlaşırdı. Mən bu məsələ ilə, Ninadan daha artıq maraqlanırdım, çünki bu gecə rus kapitalisti ilə İran kapitalistinin şüur və görüş dairəsi üzərində bir müqayisə aparmaq mümkün olacaqdı. Hər halda hakim çar kapitalisti ilə çar müstəmləkəsi sayılan Təbriz kapitalistinin düşüncəsində fərq olmamış deyildi. Digər bir cəhət də vardır ki, o da çoxdan bəri tanış olduğumuz və yüz minlərlə parasını sərf etdiyimiz bir zatın siyasi simasını öyrənmək, kiminlə oturub durduğumuzu bilməkdi. Məşədi Kazım ağa: – Nina bacı! – dedi. – Siz məndən inqilaba nə məqsədlə xidmət etdiyimi soruşursunuz. Lakin mən sizə bunu deməliyəm ki, bu sual yalnız mənə deyil, İranda ticarətlə məşğul olan və inqilaba hüsnirəğbət bəsləyən bütün tacirlərə veriləsi bir sualdır. İranda mühüm bir xüsusiyyət vardır ki, o xüsusiyyət bütün iqtisadi müəssisələri, bir tərəfdən çar, o biri tərəfdən də şah hökuməti əleyhinə mübarizə aparmağa məcbur edir. Lakin mən, hazırda sizin sualınıza verdiyim cavabı İranın bütün inqilabpərvər tacirləri tərəfindən yox, ancaq öz tərəfimdən verəcəyəm. Bəlkə, başqalarının bu məsələyə aid fikri daha dərindir və bəlkə də, başqa cürə də düşünürlər. İran taciri, yaxud şəxsən mən özüm, bir şərqli və bir savadsız olduğuma baxmayaraq, ticarət və iqtisadi işləri bir ingilis və bir rusdan daha yaxşı bilirəm. Lakin bu bilgini həyata keçirmək məsələsinə gəldikdə necə ki mən, eylə də başqaları ingilis və rus tacirinin qabağında bir iş görə bilmirik, məğlub oluruq. Çünki yerli hökumətin özünəməxsus iqtisadi siyasəti olmadığından, məmləkətin siyasi və iqtisadi ixtiyarı əcnəbilər əlində bulunduğundan, yerli sərvət mənbələrinin hər birisi bir əcnəbinin imtiyazındadır. İstər Peterburq, istərsə London çox gözəl və mədəni şəhərlərdir. Onların kəndləri də bizim şəhərlərimizdən gözəldir. Hər kəs oralarda həyat keçirməyi arzu edir. Lakin mədəni ingilis və mədəni rus bizim palçıq divarlardan ibarət olan kəndləri və dar döngələrdən ibarət olan küçələrimizi daha artıq sevir. Əcnəbi dövlətlərin rəğbətini cəlb edən nə bizim ölkəmizin əski mədəniyyət ölkəsi olması, nə Hafizlər, Sədilər, Xəyyamlar və sairlər vətəni olduğu üçün deyildir. Onlar İranın iqtisadi vasitələrinə sahiblənmək və təbii sərvətini əldə etmək üçün cənubda və şimalda İranın cəmdəyinə daraşmışlar. Onlar İranı öz aralarında bölüşüb yeyir, İranın öz taciri, öz kapitalisti isə əllərini qoynuna qoyub bu qarətə tamaşa edir. İran kəndlisinin, İran əsnafının, İran peşəkarının cibindən çıxaraq əcnəbi sandığına girən hər bir qara pul, İran taciri, İran kapitalistinin cibindən çıxarılır. Hər kəsə bəllidir ki, biz İran tacirləri, İran kapitalistləri, İranda mövcud olan iqtisadi mənbələrdən ingilis, alman və ruslardan daha asan, daha əlverişli istifadə edə bilərik. Lakin buna imkan yoxdur, çünki bizə mane olurlar, işin yaxınına qoymurlar. Bizim tərəqqi və inkişafımıza əngəl törədən yalnız əcnəbilər deyildir, öz üsuli-idarəmiz də hər qədəmdə bizim mənafeyimizi satmağa hazırdır, çünki çürük üsuli-idarə bununla da yaşayır. İranda çürüməkdə olan feodalizm üsuli-idarəsini davam etdirmək və mövqeyini saxlamaq istəyən İran şahları, öz nicatını məmləkəti əcnəbilərə satmaqda görür. Padşahlar ancaq əcnəbilərə arxa verməklə yaşaya bilir: çünki daxildə istinad edə biləcəyi heç bir qüvvəyə malik deyildir. Biz İranda nə fabrik, nə zavod, nə də iqtisadi bir müəssisə düzəldə bilmirik. Buna iki manea vardır: dövlətimizin əcnəbilərə bağladığı təhqiramiz əhdnamə buna imkan vermir. Biz hər nə işə əl vururuqsa, haman saat bir rus, yaxud bir alman kapitalisti öz imtiyaz vəsiqəsini göstərib işimizi dayandırır. Məşədi nəfəsini dərib davam etdi: – Qənd zavodu açdıq, bağladılar, çini qab karxanası düzəltdik, qoymadılar. Müxtəsər hər nə işə əl atdıqsa, başqasının ixtiyarında olduğunu gördük. Məmləkətin hər bir hüququ bir müahidə ilə satılmışdır. Bu bir səbəb. İkinci səbəbə gəldikdə o da fəqət yerli hökumətin əcnəbi dövlətlərdən asılı olmayaraq, şəxsən bizə manea törətməsindən ibarətdir. Məmləkətimizdə nə hüquq, nə də ədliyyə qanunu vardır. Bizdə qanun padşahın və onun quldurlardan ibarət olan vəzirlərinin, yerli hakimlərinin kef-mayəşası ilə düzələn bir qanundur. Buna görədir ki, İran taciri, İran dövlətlisi, əlində olan mayasını işə və istifadəyə buraxa bilmir; çünki padşah və padşahın yerli nümayəndələri, öz aralarında bölüşdürmək üçün nəqd pul aramaqdadırlar. Biz əcnəbilərin ağzından min cür səyasətlə qurtardığımız axırıncı qara qəpiyimizi, yerli qulluqçulara, yerli hakimlərə vermək məcburiyyətindəyik. Bütün bu səbəblər bizi inqilab ətrafına toplamışdır. Biz bir tərəfdən əcnəbi nüfuzu ilə mübarizə etmək, o biri tərəfdən də şaha qarşı üsyan qaldırmağa məcburuq. Biz əlverişli bir üsuli-idarə yaradıncaya qədər vuruşmalıyıq. Bizə iqtisadi istiqlaliyyət verə bilən bir üsuli-idarə lazımdır. Belə bir üsuli-idarəni əldə etmək üçün başladığımız bir üsyanda qalib gəlməzsək, ikinci və üçüncü üsyanı da başlamalıyıq. Çünki bizə öz hökumətimiz və öz müstəqil iqtisadi siyasətimiz lazımdır, – deyə Məşədi sözünə ara verib davam etdi: – Mənim inqilaba rəğbət bəslədiyim və onun qalib gəlməsinə çalışdığım buna görədir. Məşədi Kazım ağa inqilaba qarşı olan əlaqəsini aydın etdi, söz yoxdur ki, bu düşüncə onun öz düşüncəsi olmayaraq, ümumiyyətlə müstəmləkələrdəki kapitalistin və bir yerli burjuanın daşıdığı fikir idi. Heç şübhə yoxdur ki, Məşədi Kazım ağalar, məşədinin dediyi kimi, yalnız öz hökumətlərini quruncaya qədər inqilaba rəğbət bəsləyəcəkdir. Hər yerdə olduğu kimi, milli burjuaziya öz hökumətini qurduqdan sonra silahını bir zaman silah arkadaşı olan inqilabçılara tərəf çevirəcəkdir. * * * İki matəm Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi. Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə: «Ey şir, bu gün yetiş həraya, İmdad elə ali-Mustəfayə!» deyərək iki əli ilə döşünə və başına çırpırdı. Yalandan ağlayanlar, doğrudan ağlayanlar, təbil, şeypur çalanlar, ağır bayraqları dişində gəzdirənlər, Həzrəti Abbas və imam Hüseynin atının şəbihini göstərənlər, əyinlərinə qara paltar geyib, atları öpən və: «Harda qoydun həzrəti-Abbasımı, Kimlər öldürdü cənabi-Qasımı, Harda qoydun Kərbala-sultanını. Tökdülər harda Hüseynin qanını?» deyən kiçik uşaqlar təbrizliləri ağladır, onlara baxan əcnəbiləri isə güldürürdülər. Dəstələr «ya imam Hüseyn!» deyə qışqırdıqca, kazaklar da onları təqlidlə: – «Yaman qüsen!» deyərək, döşünə vururdu. Dəstələr: «Ey xeyməsi talan olan Hüseyn vay, Ey Zeynəbi nalan olan Hüseyn vay». dediyi və ağır addımlarla irəlilədiyi zaman, inqilab rəhbərləri də həbsxanadan çıxarılıb çar soldatlarının nizələri qabağında «sərbazxana»da qurulmuş dar ağaclarının dibinə gətirilirdi. Qabaqca Siqətülislam, onun dalınca Şəmsülüləma, Ağaməhəmməd Qafqazlı, onların dalınca da Əli Müsyönün iki kiçik oğlu gəlirdi. Həmin bu zamanda da, Təbriz camaatından: «Ey şir, bu gün yetiş həraya» – deyə qışqıranların səsi eşidilirdi. Bu səs Sadiqülmülkün qulağına yetişdikdə o, Ziyaülüləmaya müraciətlə dedi: – Bəli, – «ey şir, bu gün yetiş həraya!» Biz də deməliyik ki: «Lənət belə qovm-bivəfayə!» Dar ağaclarının ətrafında duran yüzlərcə çar soldatından bir səs çıxmırdı. Qabaq sırada daxili və xarici əsk-inqilabın nümayəndələri durmuşdu. Onlar hərbi səhra məhkəməsi sədrinin oxuduğu hökmü dinləyirdi. Bu dar ağacının altında durub, ölüm gözləyən yeddi nəfərin edam hökmü idi. Hökmdə bu adamlar Təbriz inqilabının rəhbərləri kimi deyil, Təbriz xalqına mədəni və ümumi əhaliyə asayiş və əmniyyət gətirən dinc soldatlara hücum edən şərarətçilər, bandalar kimi təsvir edilirdi. Dəstələrin səsi yenə də eşidilirdi: «Ey kaş bu gün bu dəmdə, olaydıq Kərbəladə». Bu səslər dar ağacının kəlləsindən əks etdiyi vaxt Siqətülislam üst paltarını çıxarıb dara çəkilməyə hazırlaşırdı. Onun boğazına Səmədxanın, çar tərəfindən sabunlanmış kəndirini keçirmişdilərsə də, hələ ayağının altından kürsünü çəkməmişdilər. O bu azacıq vaxtdan istifadə etməklə üzünü ətrafda duran yerli və xarici əks-inqilabçılara tutaraq Heyrətin bir şeirindən aşağıdakı parçanı oxudu: ...Mənsur bər səri-dar qofta, ənəlhəq Mərdanı hər nümudənd, ingunə payidari... Şeirin dalısını deməyə vaxt olmadı. Kürsünü çəkməyə məmur olan çar soldatı, öz vəzifəsini artıq yerinə yetirmişdi. Aşura təntənəsi davam edirdi. Ziyaülmülk kürsünün üzərinə çıxdığı zaman, dəstələrin: «Olmadıq biz heyf Kərbubəladə, ya Hüseyn!» demələrini eşitməmiş deyildi. O, kürsünün üzərində özünü düzəltdi və Sadiq Təbrizinin şeirindən ikicə misra oxuya bildi. «Budim bəxab dər şəbustani-ədəm Bidar şüdim, baz dərxab şüdim». Çar hökuməti əlini yeni bir qanla daha boyadı, edam təntənəsi bitdi, lakin aşura təntənəsi hələ bitməmişdi. Mən Əmir bazarçasından keçərkən Tütünçüoğluna rast gəldim. Mən ona sual verdim: – Əsəd, haradan gəlirsən? Onun boğazı tutuldu, cavab verə bilmədi, ağlamaq istədi. Mən yanımızdan keçənlər şübhələnməsin deyə: – Özünüələ al, gəl gedək! – dedim. O ağladı və: – Özümü necə ələ alım, darmadağın olduq, kimimiz qaldı? Kimə arxalanaq? – dedi. – Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən inqilabçı kütlələrin istiqbalına arxalana bilərik. İmam Hüseynə ağlayan ürəklərdən əlavə minlərcə ürəklər daha vardır ki, bu gün asılan yeddi nəfər üçün göz yaşı tökür. Onu sakit elədim. Nəhayət, danışdı və bizim konsulxana vəsiqələri üzərində düzəltdiyimiz saxta vəsiqələri mücahidlərə paylayıb gəldiyini xəbər verdi. Hələ o qədər getməmişdik. Yenə də lənətçi Məşədi Məhəmmədin məscid qapısında durub lənət oxuduğunu gördük. Dayandıq. Bu gün rəhbərlərin asılması münasibətilə, onun lənətlərinin də məzmunu dəyişmişdi. İndi nə Yezid, nə Şümür, nə Ömər, nə də Osman adı çəkilirdi. O, lənət oxumağa tamamilə yeni adamlar tapmışdı. Durub dinlədik: – Urusi şalvar geyən müctəhidə lənət! – İki çiyninə qurşaq bağlayan alimə lənət! – Əlini Allah bilən müctəhidə lənət! – Saqqalını peysərindən qoyana lənət! Lənətçinin başına yüzlərcə adam toplanmışdı, lənətlərinin hamısı inqilab rəhbərlərinə aid idi. O, lənətlərini oxuduqca, oraya toplaşan camaat bir səslə: – Min lənət! – deyərək, ona səs verirdi. Bəziləri yanında duranlara müraciət edərək: – Gedə, niyə lənət oxumursan! Dilin lal deyil ki! – deyib məzəmmət edirdi. Orada dayanmağımız mümkün deyildi. Yolumuzu dəyişib «Hacələkbər» bazarçasına tərəf getdik. Burada Mirmanaf Sərrafın oğlu Mir Murtuza qarşımıza çıxdı. O, ağ bir uzunqulağın üstündə oturub bir dəstə nökəri ilə gəlməkdə ikən, Hacı Mirzə Həsən ağa müctəhidin oğlu Mirzə Məsud ağa da uzunqulaq üstdə, öz nökərləri ilə bərabər onların qabağına çıxdı. Bunlar bir-birinə təsadüf edincə, hər iki uzunqulaq burun-buruna söykədi, üstlərindəki ağalar danışmağa başladı. Mirzə Məsud ağanın birinci sözü bu oldu: – Məlunların şərrini, Təbriz camaatının başından rədd etdilər!.. Cənab ağa, bu məmləkətin, bu dinin bir həqiqi sahibi vardır. Həqiqətən də, din sahibi bizi öz başımıza buraxmayıbdır. Gördünüz ki, hökumətin orduları, topları bu məlunlara kar etmədi, bunları yerində oturda bilmədi, amma imperatorun əli uzandı, məlunları məhv elədi. Ağa, heç şübhə yox ki, haman elə də Allah və dinimiz kömək elədi. Mir Murtuza Mirzə Məsud ağanın cavabını verirkən: – Xudavəndi-aləmə min şükür olsun! – dedi. – Aşura sahibi, aşuraya gələnlər və ona mövhumat deyənlərin haqqında öz qərarını çox gözəl, çox da pakizə verdi. Hərgah imperatorun mərhəməti olmasaydı, din düşmənlərini Təbrizdən təmizləmək mümkün olmayacaqdı, az çəkəcəkdi ki, məlunlar bu aşuranı da bizim əlimizdən alacaqdı. İndi özüm də konsulxanadan gəlirəm, cənab konsul məni bir məsləhət üçün yanına çağırmışdı. Cənab konsulun söhbət arasında buyurduğuna görə, hələlik Siqətülislam, Şəmsülüləma, Ziyaülmülk, Sadiqülmülk, Ağaməhəmməd Qafqazlı, Əli Müsyönün də iki oğlunu... Mirzə Məsud: – Allaha min şükür, – deyərək onun sözünü kəsib eşşəyini məhmizlədi. Onlardan biri sağa, o biri sol tərəfə yollandı. Biz isə evə döndük. Axşam qaranlıqlaşırdı. Nina çoxdan bəri gəlib məni gözləyirmiş. O heç bir söz danışmadan redikülündən Səmədxanın konsula yazdığı məktubun üzünü mənə göstərdi. «Heşmətməab konsul cənablarına! Cənab general! On beş nəfərin həbsinə aid göndərdiyiniz siyahının imza olunmasını məsləhət görmədim, çünki biz bunları həbs etməklə, bir çoxlarının Təbrizdən qaçmasına səbəb ola bilərik. Mən belə məsləhət görürəm ki, bu adamları da ümumi həbs olunmalı adamlarla birlikdə həbs edək. Mən Mahmud xana tapşırmışam ki, siyahıda göstərdiyimiz adamları nəzarət altına alsın, hərgah bir tərəfə hərəkət etmək istərlərsə həbsə alınsınlar. Siqətülislam və həmfikirlərinin edam edilməsinə aid məlumatım yoxdur, inşallah Təbrizə məhərrəməlharamın on dördündə varid olacağam. Əqəl Səməd. Nemətabad, məhərrəməlharam». Bundan sonra cənab konsulun həbs və edam etdirmək istədiyi adamların siyahısına oxudu: Mirzə Əhməd Süheyli. Hacı Əli dava satan, silahlı qüvvət təşkilində iştirak etdiyi üçün. Səttar xanın böyük qardaşı Hacı Əzim və iki oğlu. Mirzəağabala müəllim, Xiyaban məhəlləsindən. Mir Kərim Natiq. Mərzəli Natiq. Məşədi Məhəmməd Əmi oğlu Üskülü. Kəblə Haşım dəllal. Aleksandr (gürcü). Mirzə Rza («Şəfəq» qəzeti müdirinin atası). Tağıyev Qafqazlı. Məşədi Abbasəli qəndçi (Səttar xanın cəbbəxana müdiri). Hüseynxan Maradanlı... Bunların Təbrizdən çıxarılması üçün təşəbbüs etmək mümkün deyildi. Çox gec idi. Vaxtilə bunlara da şəhərdən çıxmaları üçün dəfələrcə yalvarmışdıq. Lakin özləri bundan boyun qaçırmışdı. İndi isə kənara çıxa bilməyəcəkdilər. Səmədxanın məktubunda, Mahmud xana yazdığı və onların nəzarət altına alındığı bəlli idi. Hər halda sər-hesab olmaları və öz işlərini sahmana salmaqları barəsində onlara xəbər verməyi lazım bildik. Bu isə şəhərə intibahnamə buraxılması ilə mümkün olacaqdı. Nina Səmədxanın əmisi oğlu Mahmud xandan söhbət açaraq, onun çar konsulxanası və Səmədxanın rizası ilə şəhər komandanı təyin olunduğu və gecələr qapıları döyüb evlərə girməsini, vəsiqə tələb etməsini söyləyərək dedi: – Bu gün səhər saat doqquzda Mahmud xan öz adamları ilə qapımızı vurub içəri girdi. Mən konsulxana işçisi olduğuma dair vəsiqə göstərdim. O, bundan sonra söhbətə başlayaraq, vəzifəsinə aid olmayan bir çox sözlər danışdı. Nəhayət, mən onun evdən çıxmasını tələb elədim. Ninanın bu sözündən sonra mən düşündüm ki, konsulxana işçisi ilə belə rəftar edən Mahmud xan yerli xalqla nə cür rəftar etmiş olmalıdır. Ninaya başqa söz demək olmazdı. Ancaq bir kərə: – Onu evə buraxma! Qapını vursa belə açmayın! – dedim. Şəhərə buraxılacaq intibahnaməni yazmağa başladıq. Qanlı əllər işə başlayır «Təbriz camaatı! Ruhdan düşməyin! Siz əks-inqilab üzərində qələbə çaldığınızı unutmayın! Qələbələrin əldən buraxılmasına imkan verməyin! Çar nökərlərinə, xəfiyyə vəzifəsi daşıyan seyidlər və mollalara aldanaraq öz inqilabçı vətəndaşlarınızı və sizin üçün bütün varlığından keçənləri çarın qanlı əllərinə verməyin! Çar cəlladları görəcəyi işləri, öz nökərləri olan Hacı Şücaüddövlə Səmədxana tapşırmışdır. Sizin azadlığınız uğrunda işləyənlərdən yeddi nəfərini asdılar. Onları Hacı Şücaüddövlənin imzası ilə istilaçı çarın cəlladları asdı. Hacı Şücaüddövlə məhərrəmin 14-də Təbrizə girəcəkdir. Təbriz irticai, Təbriz əks-inqilabçıları yeni bayrama, inqilabçıların ümumi həbsinə, ümumi edamına hazırlanır. Təbriz camaatı! Çar istilası uzun müddət davam edə bilməyəcəkdir. Çarlıq üsuli-idarəsi öz içindən çürüməkdədir. Məmləkət yenə də öz işçi, öz yoxsul, öz kəndlisinə qalacaqdır. Öz rəhbərlərinizi cəlladlar əlinə verməkdən saqının. İnqilab hələ ölməmişdir, o, yenə də vaxtında öz silahlı qüvvəsilə meydana çıxmağa hazırdır. Gələcəyin lənət və intiqamından qorxun! Rədd olsun irtica! Rədd olsun çar əmri ilə iranlıları məhv etməyə hazırlaşan Hacı Səmədxan! Rədd olsun çarın ağ, yaşıl və göy əmmamə daşıyan nökərləri! Rədd olsun İran yoxsullarını əzmək üçün çar himayəsinə girən aristokratiya, xırda bankir və tacirlər! İran inqilab komitəsi». İntibahnamələrin divarlara yapışdırılması mümkün olmadığı üçün küçələrə tökülməsinə qərar verildi. * * * General-qubernator Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi. Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü. Qalib gələn rus silahının qanlı şəfəqləri ilə üzünü qızardan yerli irtica, bütün varlığı ilə küçələrə çıxmış və bir gün əvvəl geydiyi aşura qarasını üstündən tökmüşdü. Döngələr və qapılardakı qara matəm bayrağı yerində çar bayrağı asılmışdı. Bir gün əvvəl «ya Hüseyni-məzlumi-Kərbəla» sözləri yazılmış olan qara bayraqları əvəz edən bayraqlarda «Zindəbad imperator» sözləri oxunurdu. «Va Hüseyn» sədası çıxan burjuaziya evlərində bir xanəndənin «Bepürsidəm mən əz dövran. Güca İskəndəru Xaqan? Beqofta kist İskəndər? Zəmani-dövləti rusəst». şeirini kamança ilə oxuduğu eşidilirdi. Zadəgan xanımlar, yenə də şahın gözəl bala dərvişinin şəklini Loriqan ətri saçan döşlərindən çıxarıb öpür və ona ithaf edilmiş: Biya bu baba, hu baba! Kəməri tila ku baba! Bu baba! Hu baba! mahnısını oxuyur və güzgünün qabağında fırlanırdı. Gündə bir dövlətin qucağına atılan siyasi fahişələr, istiqbal libasını taxıb dışarı çıxmağa hazırlaşır, atına, uzunqulağına, faytona əyləşirdi. Nina ilə mən bu barədə konsuldan və sərdar Rəşiddən məktub almışdıq. Onlar bizə Hacı Səmədxanın istiqbalına getməyi lazım görmüşdülər. Bu tövsiyə olmadan da, Nina bu istiqbal rəsmi ilə çox maraqlanırdı. Buna görə də onu yalnız buraxmaq istəmədiyimdən özüm də hazırlandım. İki faytonla yola düşdük. Faytonun birində mən, Nina, o birində isə Məşədi Kazım və Ələkbər yoldaş oturmuşdu. Nemətabad yaylasından başlayaraq qubernatorun mənzil edəcəyi Nizamüddövlə bağına qədər yol, Hacı Səmədxanın xüsusi alayı olan Marağa atlılarının nəzarəti altında idi. Neçə gündən bəri Təbriz xalqının malına, canına, irz-namusuna təcavüz etməkdən yorulmayan bu alay bir gün əvvəl çar konsulxanasından verilən yeni rus silahı ilə silahlanmışdı. Çar qubernatorunu Təbrizə daxil etmək üçün konsul bir eskadron rus kazakı göndərmişdi. Qubernatoru hər bir ehtimala qarşı mühafizə etmək üçün yolların mühafizəsi çar kazaklarına tapşırılmışdı. İran istiqlalının məzarı üzərində tikilən «taqi-zəfər» Təbriz zadəgan və əks-inqilabçılarının evində yetişdirilmiş rəngarəng çiçəklərlə bəzənmişdi. Səmədxanın faytonu ətrafında gedən kazak musiqi dəstəsi, ölmüş İranın milli marşını çaldıqca, musiqi alətlərinin səsi də, o səsi dinləyənlərin iqbalına sanki istehza edirdi. Səmədxanın özünəməxsus musiqi dəstəsi də, məhərrəmlik münasibətilə təziyə və matəm marşı çalaraq keçirdi. Təbriz ruhaniləri birinci sırada, piyada və ya ağ eşşəklərə səvar olub ağ əmmaməli, yaşıl əmmaməli, çalmalı, papaqlı olaraq, yürüməkdə və ətrafına dönərək, köpəklər kimi çiyinlərini qapmaqla: – Salam əleykum və əleykum salam! – deməklə, dəstələri yarıb keçməkdə idi. Ruhanilər, müctəhidlər, seyidlər və mərsiyəxanlar dəstəsinin dalınca dərvişlər dəstəsi gəlirdi. Biz bu dərvişlərin bir çoxunu, Səttar xanın qapısında durub mədhiyyə oxuyan görmüşdük. Onların çiyinlərində tutduğu və əllərində oynatdığı naçaq və təbərzinlər bir meşə mənzərəsini təşkil edirdi. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu fəxri dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. Nina dərvişlərin hərəkətindən və çiyinlərini qısaraq fırıldamasından maraqlandığı üçün mən faytonun dərvişlər dəstəsinin yaxınından sürülməsini tapşırmışdım. Dərvişlər oxuyurdu: – Gedəndə Xeybər üstünə əli vəliyyi-ləmyəzəl; – Hüseyndən çun alıb izni-karzar Abbas; – Xaliqi yektaya bir məxluqi-yektadır Əli; – Mənəm ol şir ki, nərəm səfi-meydanı yıxar; – Tiğimin zərbətinə sövləti-dərya durmaz; – Şücaət aləmində heydər-kərarə bənzərsən; – Ey kirdigarın əzəmi-əsması ya Əli; – Beşikdə əjdahanı öldürən şiri-jəyanimsən... Mən bunların hamısını mümkün qədər Ninaya tərcümə edir və aydınlaşdırırdım. Birdən Nina maraqla məndən xəbər aldı: – İranda bu mərsiyə və mədhiyyələrin qabağına çıxacaq yeni inqilabi ruhlu ədəbiyyat yaranırmı? Mən bilmirəm, görəsən, cüzi də olsa, bugünkü mübarizəni ifadə edən bir şairimiz, bir əsərimiz varmı? Mən Ninaya cavab verə bilmədim. Çünki Mahmud xan mənimlə Ninanın bir faytonda getdiyini görərək, atını bizim faytonun yanına sürdü. O, Ninaya salam verdi, lakin Nina ona əhəmiyyət vermədi və mənə müraciətlə: – Bax bu həyasıza, ancaq bircə kərə evimizə vəsiqə soruşmaq üçün gəlib qovulmuş, indi isə hörmətli bir tanış kimi mənə salam verir və dişlərini ağardır. Mən bu hadisənin gələcəkdə böyüməsini yəqin etsəm belə, Ninanı rahətsiz etməmək üçün: – Əhəmiyyət vermə! – sözünü deməklə kifayətləndim. Dərvişlərin dalınca lənətçi Məşədi Məhəmməd gəlirdi. Lənətlərinin mündərəcəsi məşrutəni təhqir etməkdən ibarət idi. Lakin onun səsini eşidən, lənətinə ümumi səslə cavab verən yox idi. Çünki Səmədxan əyləşdiyi fayton çox yaxında idi, onun çomaqçıları Qocaxan və Ağabalaxanın: – Çəkil! Çəkil! Kənar! Kənar! Yoldan çıx! – deyib çığırmaları lənətçi Məşədi Məhəmmədin səsini kəsirdi. Lənətçi hər nə qədər boş yer axtarır və ora-bura soxulub səsini Səmədxana eşitdirmək istəyirdisə də, şatırlar faytonun sağ-solunda qaçdığından, lənətçini kənara atıb gedirdi. Lənətçi şatırlardan qurtarıb dilənçilər dəstəsinin içinə düşdü. Səmədxanın faytonu gəlib Nizamüddövlə bağına yaxınlaşdı. Faytonun qabağında oturan xidmətçi əlində saxladığı mis qabdan götürdüyü qran pulları dilənçilərin arasına səpələməyə başladı. Yüzlərcə dilənçi biri-birini ayaqlayıb pulları qapmağa çalışırdı. Ayaq altında qalanların səsləri içərisindən, lənətçi Məşədi Məhəmmədin də səsi eşidilirdi. «Kor Kərim» hamıdan dalda gəlirdi. Onun məşrutəyə yazdığı həcvlərini eşidən çox az idi: çünki yüzlərcə riyakarın yaltaqcasına səsləri ona mane olurdu. Hacı Səmədxan Nizamüddövlə bağına daxil oldu. Mən və Nina faytondan düşərək, valinin görüşünə gedənləri nəzərdən keçirmək istədik. Tütünçüoğlu faytonda qaldı. Bir saatdan artıq Nizamüddövlə bağı ətrafında dolaşaraq bağa vəsiqə ilə daxil olanları gözdən keçirdik. Seyidlər əllərində həbs olunacaq adamların siyahılarını tutub bağa daxil olduqları zaman, Hacı Mehdi Kuzəkünani dəxi ağ eşşəkdə gəlib qədim dostu Hacı Səmədxanın görüşünə getdi. Mən Hacı Mehdini Ninaya nişan verərək dedim: – Buna məşrutə zamanında «Millətin babası» ləqəbi verilmişdi. Bu Hacı Mehdi Kuzəkünanidir. Xəstə olduğu üçün istiqbala gedə bilməmişdir. İndisə dostunun görüşünə gəlir. Çox ehtiyatlı bir tacirdir, vaxtilə inqilabdan istifadə edirdi, indi də əks-inqilab qərargahına köçmüşdür. Hacı Səmədxanın istiqbal təntənəsindən yenicə qayıtmışdıq. Nina sözü yenə də faytonda açdığı məsələ üzərinə gətirib dedi: – Rudəkidən, Firdovsidən və sonrakı Hafizlərdən və Sədilərdən mənə danışmısan; onları az-çox bilirəm, indi də de görüm bu gün nə qayırırsınız, sizdə yeni inqilabi ruhlu ədəbiyyat yaratmağa başlanıbmı? Mən: – Əlbəttə! – dedim. – Mədhiyyə, mərsiyə ilə yanaşı olaraq, zəif də olsa, hər halda bizim şəraitdə inqilabi ədəbiyyat yaranmaqdadır. Lakin bu ədəbiyyat, şaha qarşı bəslədiyi nifrətini açıq-açığına deyə bilmir. Onların şaha qarşı hücumu simvoldan, işarə və eyhamlardan, müəmmalı sözlərdən ibarət olub qalır. Onlar zalım padşaha demək istədiyi sözlərini, rəhmsiz sevgililərə, gözəllərə, onların saçlarına, öldürücü gözlərinə, ox kimi qəlbi dələn kipriklərinə deyir və bununla da padşahı düşündürməyə, ona bir çox şeylər qandırmağa çalışırlar. Şairlərdən birisi öz sevgilisinə xitabla: – Mənim qəlbim sənin qara saçlarına bağlanıb, sənə rəiyyət olmuşdur. Sən ona yaxşı bax, onu gözlə, rəiyyət yaxşı yaşadıqda məmləkət abad olmağa başlar, – deyir. Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyyatına qarşı düzələn müxalifətçi qruppaların fikrini nəşr edən şairlər, öz şeirlərində mühiti tənqid etməyə başlayırlar. Məsələn, Azərbaycan şairlərindən Ovhədi yazdığı şeirinin birisində deyir ki: «Bütün dünyanın sərxoşları ayıldı, amma bizim sərxoşlar hələ də ayılmamışdır». Padşahın simasını təyin etmək, onun nə kimi bir şəxsiyyət olduğunu kütlələrə bildirmək işində şeir yazanların ən cürətlisi Əsədidir. O, şeirinin birisində belə yazır: «Padşahın yanında iki şey vardır: birincisi, ümid, ikincisi, qorxu. Padşahın sevdiyi başqa şeylər də vardır. Birisinə şərbət içirmək, digərini isə zəhərləmək. Sən daima padşahın yanına gedəndə qorxmalısan, onun yanında özünü azad bir insan kimi yox, bir kölə kimi aparmalısan. Sən günahkar olmasan belə, yenə də onun hüzuruna günahlı bir adam kimi getməlisən. Sən, əlbəttə, şahın təbəssümlərini görüb onun mərhəmətli bir zat olduğunu zənn etmə, çünki şirin dişlərini göstərməsi gülmək əlaməti deyildir». Mühitini təsvir edən inqilabçı, fəqət susmağa məcbur olmuş. Cəbali adlı İran şairi daha qəmgin bir şeir yazır, o deyir ki: «Mürüvvət və vəfa aradan götürülmüşdür. Bu iki məfhum, Simurq quşunun mövcidiyyəti və misdən altun qayırmaq fikri kimi əfsanə olmuşdur. Əqilli adamlar bir guşədə qısılıb qalmışdır. Fəzilət sahiblərinin hər birisi bir bəlayə mübtəladır. Əsrimizdə dəli ilə əqilli adamlara fərq qoyan yoxdur. Artıq heç bir kəs yabançı ilə dostuna fərq qoymaq qabiliyyətinə malik deyil, hətta mənim də nəsrimdə məzəmmət, nəzmlərimdə isə həcvlər görünmür». Astarabadlı Sadiq padşahın rəiyyətə qarşı əlaqəsini təsvir etdiyi bir şeirində deyir ki: «Ac laçın o qədər ədalətlidir ki, aciz olan sərçəyə öz gözünün içində yer vermişdir». Nadim təxəllüslü daha başqa bir şair, kütlələrin nə cür bir fəlakət içərisində yaşadığını iki misra ilə çox gözəl surətdə təsvir edərək yazır: «Dünyada ən yazıq və rəhm edilməli adam odur ki, bizim yazıq olmadığımız haqqında düşünər». İnqilabçı ruhlu isfəhanlı Şahnəzər padşaha qarşı bəslədiyi düşmənliyi qəti bir cümlə ilə yazır: «Ya biz düşmənin başını daşa çırpıb əzməliyik, yainki düşmən öz dar ağaclarını bizim bədənimizlə bəzəməlidir. Bir nəfərin şərəfli ad buraxıb ölməsi, yüzlər ilə adamın həqarət içərisində yaşamasından çox yaxşıdır». Padşahın rəiyyəti soyduğu, kütlələrin fəqir halda yaşadığı, sufi şairlər arasında da təsirsiz qalmır. Sufi təxəllüslü şair padşaha müraciətlə yazdığı bir parçasında deyir: «Şahım, sənin nə taxtin, nə də tacın özünə qalacaqdır. Sənə qalan bir şey varsa, o da sandığına doldurduğun pulları ac və yoxsullara verməkdən ibarətdir». Hazırda müasir və inqilabçı şairlərdən Ədibülməmalik farsca yazdığı şeirində deyir: «Təəssüf olsun ki, tarlalarımızı su basmışdır. Müsibətli əkinçilər isə yuxuya dalmışdır». Şair Heyrət məmləkəti əcnəbilərə satan və rəiyyəti ikitərəfli istismara verən padşaha hücum edərək yazır: «Ey pişikdən və siçandan əskik olan padşah, dovşan yuxusunu burax! Ölkəni gözləmək və doğru yol ilə getmək işini heç olmazsa köpəkdən öyrən!» Ey kəm zegürbəvü muş, Büzgar xabi xərguş? Röv, röv, zi səg biyamuz, Ayini həq güzari! Sözlərimi bunlarla bitirmək istəyirdim, lakin Nina buraxmadı, o mənə müraciətlə: – Sən indi də, bir azacıq İran Azərbaycanında yaşayan türklərin ədəbiyyatından danış, – dedikdə, mən bu məsələ haqqında da bir neçə şey deməyə məcbur oldum: – İran türkləri, hələ çar Qafqaziyasında türkcə mətbuat yaradılmadan qabaq Azərbaycan dilində hekayələr və nağıllar çap etdirmişlər, – dedim. Sonra İranda, Azərbaycan mədəniyyətinin inkişafına mane olan səbəbləri izah edərək İran şahlarından bəhslə əlavə etdim: – İran padşahı İranda mövcud olan Azərbaycan xalqlarının əzilməsi üçün türk-fars vuruşmaları təşkil edərək, Xorasan və başqa əyalət şəhərlərində yüzlərcə insanların həlakına səbəb olur və türk milli mədəniyyətinin unudulması üçün qəti tədbirlər görür. Hökumət birinci növbədə farslığı təbliğə başlayır və türklərin yerləşdikləri ölkələrdə Azərbaycan ədəbiyyatının sıxışdırılmasına çalışır. Nəsrəddin şahın zamanından başlayaraq türkcə mətbuat qadağan edilir və o zamana qədər çap edilmiş kitablar təkfir edilməyə başlanır və Təbrizdə türkcə çap edilmiş nağıl kitablarının da oxunması qadağan edilir. Yerli müctəhidlər və ruhanilər türkcə yazmaq və türkcə oxumağın haram olduğunu elan edirlər. İş bu yerə çatdıqdan sonra müəyyən siyasi təşkilatların göstərişləri ilə yazılmış tarix kitabları, İran Azərbaycanında türklərin mövcud olmaması məsələsini meydana atır və onların fars qövminə mənsub olduğunu isbata çalışır. Bu kimi tarixlər yalnız İran türklərini deyil, eyni zamanda Qafqaz türklərinin də kökünü fars qövminin rişəsinə düyünləməyə çalışır. Sonra yavaş-yavaş fars ədəbiyyatında bu siyasəti tərənnüm edən nümunələrə təsadüf olunur. Fars şairi Arif öz əsərində İranda 4 milyona qədər azərbaycanlı yaşadığı ilə hesablaşmayaraq yazır: «Türklərdən eşşəklikdən başqa bir şey görülməmişdir». «Mədəniyyət ruhu daima azərbaycanlılardan əziyyət çəkməkdədir». «İran nəjadı ilə azərbaycanlıların arasındakı fərq, ipək ilə həsrin arasındakı fərqin eynidir». Arif öz əsərində məsələni daha qəti qoyaraq yazır: «Məmləkətdən Azərbaycan dilinin rişəsini kəsməlidir». İran padşahları İran türklərinin milli mədəniyyətini, milli ədəbiyyatını əlindən aldıqdan sonra onlara bir gözəl sifət də vermişdir: «Azərbaycanlılar iranpərəstdir!» Sözüm bura çatanda, Nina başına hərəkət verərək: – Məsələ aydındır! – dedi. * * * Misyonerlər və müstəşriqlər Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim. Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi. Mən Məşədi Kazım ağanın ticarət otağına girdiyim zaman, miss Hannanı da orada gördüm. Onu burada birinci dəfə gördüyüm üçün təəccüb etdim, hələ bir az da özümü itirən kimi oldum, çünki Nina Məşədi Kazım ağanın ticarət otağına tez-tez gəlirdi. Heç şübhə yoxdu ki, Ninanın amerikalı qızı burada görməsi şübhələrə səbəb olacaq idi. Nə isə, o məni gördükdə, Məşədi Kazım ağanın yanında qoyduğu məktubu götürüb mənə verdi. Hələ mən məktubu oxumadan qızın özü məktubun məzmununu mənə dedi: – Bu gecə əziz qonaqlarım vardır. Sizinlə tanış olmaq istəyirlər. Vaxta çox az qalırdı. Qızla müvəqqəti vidalaşıb evə qayıtdım. Libasımı dəyişərək onun evinə qayıtdıqda miss Hannanın qonaqları toplanmışdı. Qonaqlar Amerika konsulxanasının baş katibi Ferikson, arvadı Sara, Amerika konsulu, onun arvadı Mariya, Amerikadan yeni gəlmiş müstəşriq Hertman və bəhayi misyoner Ağa Mir Əsədulla idi. Bunlardan tanış olmadığım və birinci dəfə olaraq görüşdüyüm, yalnız misyoner və müstəşriq idi. Bunlarla da tanış oldum. Miss Hanna məni həmişəki kimi təqdim etdi. Amerika konsulu və onun katibi məni onlara tərif edərək: – İranın ziyalı tacirlərindəndir, – dedilər. Ortalıqda dolanan söhbətlərin hamısı dini mövzularda idi. Mən bu söhbətlərə qarışmır, bitərəf bir adam kimi kənardan dinləyirdim. Söhbət müstəşriqlə misyoner arasında gedirdi. Mən bu söhbətlərdən həddindən artıq darılırdım, çünki din söhbətlərinə sərf edilən hər bir dəqiqəyə heyifim gəlirdi. Onların mübahisələri Şərqdə mövcud dinlər və təriqətlərdən idi. Lakin müstəşriqin Şərq dinləri və Şərq təriqətləri mövzusunda başladığı söhbət bir savadsızın mühakiməsindən heç də irəli getmirdi. Danışdığından məlum olurdu ki, bu müstəşriq, Şərqi özündən əvvəl gələn şərqşünasların yazılarından öyrənmişdir. Buna görə də bəhayi misyoner öz sübutları və öz misalları ilə müstəşriqi sükuta məcbur etmiş və məclisi əlinə almışdı. Miss Hanna bu məclisə həddindən artıq qiymət verir və Şərqə aid bu söhbətlərdən öz bloknotuna bəzi şeylər qeyd edirdi. Miss Hannanın bu hərəkətindən mənim heç də xoşum gəlmirdi. O mənə özünün inqilabçı bir qız olduğunu söyləyib, hətta mənim yolumla getməyə and içmişdi, buna baxmayaraq, yenə də evində dini mübahisələr düzəldərək, məni də bura cəlb edir və bunun yaxşı iş olmadığını dərk etmirdi. Ağa Mir Əsədulla mənə müraciət edərək farsca soruşdu: – Cənabınız islamiyyətin hansı təriqətini daşıyır? Mən bir az necə cavab verəcəyimi düşündüm. Lakin sükut etdiyim dəqiqələrin hər bir saniyəsi miss Hannanın həyəcanının artmasına səbəb olurdu. Cavab verdim: – Nə kimi təriqət daşıdığım haqqında qəti bir cavab verə bilməyəcəyəm, çünki çox gəncəm. Şərqdə mövcud olan təriqət və dini cərəyanlar isə o qədər dolaşıq, o qədər müxtəlif və mürəkkəbdir ki, oradan bir həqiqət aparmaq üçün bir gəncin qısa olan həyat tarixi kifayət etməz. Ağa Mir Əsədulla mənim öz əqidəmi söyləməkdən boyun qaçırmaq istədiyimi dərhal hiss eylədi və: – Bu barədə sizin həqiqət aramağınıza heç də lüzum yoxdur, – dedi, – bu həqiqət vaxtında aranılmış və Allah-taalanın məsum irədəsini yer üzünə yaymaq üçün rəhbərlər zühur etmişdir. – O, rəhbərlər kimdir? – O, rəhbərlər bir-birinin yolunu davam etdirən Bab, Bəha və Əbdülbəhadır. – Çox pakizə. Mən çox təşəkkür etməliyəm ki, bu gecə miss Hannanın vasitəsilə böyük bir zatla tanış oluram. Lakin təəssüf ediləcək bir hal vardır ki, o da mənim dini mübahisə sahəsindəki savadsızlığımdır. Məncə, bu cəhət, mənim sizinlə olan söhbətimin müəyyən və doğru bir yol ilə gedə bilməməsinə səbəb olacaqdır. – Fikrinizi və getdiyiniz dini yolu necə ki, düşünürsünüz, elə də ifadə buyurun! Mən bu barədə də sizə kömək verməyə və qəlbinizin kasəsindəki bulanıq suları təmizləyib həqiqətdən süzülüb çıxmış saf sularla doldurmağa hazıram. Ağa Mir Əsədullanın məqsədini tamamilə anladım. Onun məqsədi mənim dini əqidəmi bilmək deyildi, o məni bəhayi dininə təbliğ etmək fikrini daşıyırdı. Mən bəhayilərlə çox danışıb və görüşürdüm; lakin onların təbliğatçıları, xüsusən bütün bəhayi dünyasında məşhur olan Ağa Mir Əsədulla ilə danışmamışdım. Buna görə də onun Bab və bəhayiliyə dair geniş məlumat verməsinə zəmin hazırlamaq üçün: – Biz din və təriqəti dəbdən düşməyə, hörmət və etibarını itirib, bəşəriyyətin tərəqqisinin qarşısını kəsib tarixi geri çəkdiyi aydınca sübut edildiyi bir dövrdə dünyaya gəldik! Musa, İsa və Məhəmməd dinləri... deyincə... Ağa Mir Əsədulla sözümü kəsdi: – Cənab ağanın buyurduqları əski dinlərə görə doğrudur. O dinlər xalqa yeni mədəniyyət verməkdə acizdir. İstər Bab, istərsə Bəha və Əbdülbəhanın buyurduğu da budur. Onlar da təlimatlarında eyni fikirlər göstərməkdə və xalqı əsrin tələbatı ilə uyğun mütərəqqi, mədəni və bütün dünyaya sülhverici və bəşəriyyətin qardaşlığını təmin edə biləcək bir dinin ətrafına dəvət buyurmaqdadırlar. Belə bir din də Bab, Bəha və Əbdülbəhanın dinidir. Bütün dünya cəhalət qaranlığında boğulduğu vaxt adət üzrə Allahın nuru bir peyğəmbərin vasitəsilə yer üzünü işıqlandırmışdır. Söylə görüm, Musa peyğəmbər dünyanı Fironun zülmü əzdiyi bir zamanda zühur etmədimi? Allahın nuru, əsrlər keçdikcə bir bəşərin simasında zahir olmadımı? Bəni İsrailin peyğəmbərlik dövrü bitdikdən sonra İsanın nuru parlamadımı? İsadan altı yüz iyirmi iki il keçəndən sonra Məkkə tərəfindən Məhəmmədin camalı dünyanı işıqlandırmadımı? Məhəmməddən 1260 il keçəndən sonra fars üfüqlərindən Allahın parlaq ulduzu zühura gəldi və həqiqi nurun atəşi Şiraz şəhərindən yanmağa başladı. Doğruçu sübhün əlamətləri göründü. Qaimin, yəni Mehdiyi-sahibəz-zəmanın zühuru səsi bütün dünyada eşidildi. Bab dünyaya gəldi. Ağa Mir Əsədulla sözlərinin kifayətləndirici olduğunu zənn edərək soruşdu: – Yəqin sizi qane edə bildik? – Xeyr. – Nə səbəbə? Görünür mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz? – Çox gözəlcə əhatə etdim, lakin qəbul kəlməsilə əhatə kəlməsinin arasında olan fərqləri də anlayıram. Madam ki, biz dini mübahisəyə başlamışıq, gəliniz məsələni biri-birinə qarışdırmayaq. Əvvəlcə mən sizə bir sual verməliyəm, – deyərkən, Mir Əsədulla özünü topladı. O, bəhayi təbliğatının avam aldadıcı cümlələrini mənim qarşıma tökmək üçün bütün bacarığını və məlumatını səfərbərliyə almağa başlayıb mənə dedi: – Mən sizə tövsiyə edirəm, – dedi, – siz Bab və bəhayilik aləmi barəsində uzun və uzadı mütalıə etməlisiniz. Bu iki zatın, yəni Bəhanın, Babın peyğəmbər olmasının sübutu budur ki, onların hər ikisi Məhəmməd peyğəmbər kimi ümmi doğulmuşdur. Yəni mədrəsə və müəllim görmədən alim doğulmuşlar. Mən: – Bunu mən «Kitabi-Əqdəsdə» və «Bəyan»da oxumuşam – dedikdə, Mir Əsədulla: – Barəkəlla. «Kitabi-Əqdəs»də və «Bəyan»da yazır ki, «Allah öz əmrini, öz nurunu məktəb şagirdi olmayan və mədrəsə görməyən bir zatın simasında əks etdirmişdir». – Mən bunları yalnız «Kitabi-Əqdəs» və «Bəyan»da deyil, bütün təfsilatilə «Fəraid» adlı əsərdə oxumuşam. Oradakı dolaşıqlıq, «Əqdəs» və «Bəyan»da olduğundan daha dərindir. Buradakı yalançılıq yuxarıda göstərilən kitablarda olandan daha artıqdır. Mən də sizdən rica edirəm ki, öz kitabınız olan «Fəraid»in 464-cü səhifəsini oxuyaraq onu «Kitabi-Əqdəs» və «Bəyan»ın yazıları ilə müqayisə ediniz. Bab və Bəhanın anadan alim doğulduğuna gəldikdə, burada da bir neçə söz deməliyəm: Bab və Bəhanın tarixi Məhəmmədin tarixi kimi minillik olsaydı, bəlkə də, onun ana bətnindən alim doğulduğuna inananlar tapılardı. Təəssüf olsun ki, Bab və Bəhanın məktəb yoldaşları, oxuduğu məktəblər və sair, tamamilə xalqın xatırında və kitabların səhifəsindədir. Əvvəlcə Babı götürəlim. Bab şirazlı Mirzə Rzanın oğludur. Adı Əliməhərdir. Onlar Şirazda məşhur çit tacirləridir. Bab hələ gənc ikən «Şeyxabid» ləqəbi ilə məşhur olan Şeyx Məhəmmədin tərbiyəsində olmuşdur. O, Kərbəlaya getmiş, orada Şeyx Əhməd Ehsayının şagirdi olan Rüştəli Seyid Kazımdan dərs oxumuşdur. Bundan əlavə Bab, Şirazın özündə, Bəndərbuşirdə və Bağdad şəhərində də bir neçə mədrəsədə təhsil etmişdir. Daha bunun anadan alim doğulduğu harada qaldı? Bir az da Bəhayi adlanan Mirzə Hüseynəlinin ana bətnindən alim doğulduğu haqqında danışacağam. Mirzə Hüseynəli gənclikdə Mirzə Nəzərəli həkimin yanında nə üçün dərs oxuyurdu? Hərgah o, doğrudan da, anadan alim gəlmişsə, onun yarım savadlı bir müəllimin yanında dərs oxuması nə lazım idi? O, Süleymaniyə şəhərində nə üçün təhsilə gedirdi? O, «rəini-[?]rəfa» sayılan Şeyx Əbdürrəhmandan nə üçün dərs oxuyurdu? Bəha özünün «İqan» adlı dini əsərini Süleymaniyə şəhərində yazmamışmı? O əsərin adı əvvəlcə «Kitab xülya» deyildimi? Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdikdən sonra, bəhayilikdə daha qaranlıq qalmış bir məsələni də aydın etməliyik. Mir Əsədulla şaşırmış bir surətdə soruşdu: – O hansı qaranlıq məsələdir? – Təəssüf edirəm ki, biz bu məsələni həll etmək üçün yenə də sizin «Bəyan» və «İqan» adlı dini kitablarınıza müraciət etməliyik. Hərgah cənab Seyid icazə verirsə, bu məsələ ətrafında bir qədər danışardım. Mir Əsədulla: – Rica edirəm, – dedikdə, miss Hanna və müstəşriq Hertman da o sözü bir neçə kərə təkrar etdi. – Əvvəlcə Bab və Bəhanın kimliyi və dini siması haqqında danışmalıyıq. Necə ki, Bab, elə də Bəha öz əsasını islamiyyətin bir təriqəti, hətta mübahisəli və ixtilaflı olan bir şöbəsi üzərində qoymuşdur. Bunların hər ikisi şiələrin bir imamı kimi zühur etməyə məcbur idi, çünki Məhəmməd deyir ki, mən axırıncı peyğəmbərəm, buna görə də peyğəmbər namilə gələn hər bir kəsə yalançı deyəcəklərdi. Cənab ağa, dediklərim doğrudurmu? – Bəli, doğrudur. – Bunlar bir imam kimi zühur etdikdən sonra, peyğəmbər olmaq üçün, öz dini kitablarında belə bir şüar buraxdılar: «Allahın nuru hər əsrdə bir nəfərin simasında zühur etdi, əvvəlcə Musa, ondan sonra İsa, İsadan sonra Məhəmməd və Məhəmməddən sonra mən gəldim». Cənab ağa, bunlar doğrudurmu? – Bəli, doğrudur. – Çox gözəl. İndi buyurun görək Bab və Bəhanın Allah olduğuna nə isbatınız var? – Onlara Allah demirik. – Deyirsiniz. İcazə verin Babın «Bəyan» kitabında yazdıqlarından bir neçə cümləni sizə xatırladım! Bab yazır ki: «Hər kəs Adəmi, Nuhu, Samı, İbrahimi, İsmayili, İsa, Şəmun və sair peyğəmbərləri görmək istəyirsə, məni görməlidir. Məhəmməd və Əli də mənəm (Məhəmmədəli Bab); Həsən və Hüseyn də məndən ibarətdir». Tutalım ki, bunların hamısı doğrudur. Bu sözlərə inanmaq da mümkündür. Çünki Bab da xariqüladə və fövqəltəbii bir sima olmadığı kimi, onun saydığı peyğəmbərlərdə də o xariqüladəlik yox idi, bunu açıq söyləmək kafirlik və dinsizlik də deyildir. Çünki Məhəmmədin özü də kitabında yazır ki: «Mən də sizin kimi bir bəşərəm». Lakin Bab peyğəmbər olmaqla da kifayətlənmir, o «Bəyanda» yazır ki: «Mən Allaham». Vaxta ki, Allah bir bəşər şəklində zühur etmişdir, o vaxt Allahda da bəşərə məxsus bütün xüsusiyyətlər mövcud olmalıdır. Yəni evlənmək, yemək, içmək, yatmaq, ölmək və sairə, «İqan»da bunu daha da aydın yazır. Orada deyir ki: «Babın məqamı, niyabət, xilafət, imamət deyildir. Bu zühur Allahın zühurudur. Bu zühur, səltənəti-ilahiyənin yerlərdəki zühuru deməkdir. Bəha xudayi-mütləqdir. Yerin, göyün xaliqidir. Tur dağında Musa ilə danışan da Bəhanın özüdür». İndi həmin bu cümlələrə istinadən sizə bir sual verirəm: «İqan» və «Bəyan»dakı bu xəbərlərə siz inanırsınızmı? – İnanmalıyıq! – Bab, doğrudan da, Allahın zühurumu deməkdir? – Bəli! – Bu halda sizin və ya müsəlmanların əqidəsincə gözə-görünməyən Allah harada qalır? O yenə də eyni vəziyyətindəmi davam edir? Yaxud tamamilə gözəgörünməz Allahlıq pərdəsini ataraq yerlərəmi köçür? – Xeyr, gözəgörünməyən Allah yenə də öz əski vəzifəsində, öz əski varlığında qalır. – İndi burada sizə bir sual da verirəm: müsəlmanların əqidəsincə Allaha şərik qərar verən dindən xaricdir. Buna siz nə deyirsiniz? İki Allah ola bilərmi? – Xeyr, ola bilməz. – Bu halda sizin öz dediklərinizə istinadən belə bir nəticə çıxarmalıyıq ki... Doğrusu bunu demək böyük cəsarətdir. – Fikrinizi söyləyin. – Allaha şərik qərar verən bəhayilər və özünü Allah hesab edən Bab kafir və onların dini kitabları isə batil kitab hesab olunmalıdır. Hərgah Bab və Bəhada fövqəltəbii bir xüsusiyyət zühur etsəydi, bəlkə də, avamlar və həlalik din təsirindən çıxa bilməyənlər, onun ətrafına toplana bilərdi. Ağa Mir Əsədulla: – Vardır. Babda və Bəhada bəşərdə görünməyən xüsusiyyətlər vardır. Bu barədə sizi qane edə bilərəm, – dedi. Şam süfrəsi salındı. Süfrə başında Ağa Mir Əsədullanın halı özündə deyildi. Çünki o, müstəşriqin yanında nüfuzunu itirmiş, bununla da müstəşriqi bəhailiyə təbliğ etmək imkanları bərbad olub getmişdi. * * * Süfrə başından çəkilib çay içməyə keçmişdik; mən də, Ağa Mir Əsədulla da mübahisədən boyun qaçırmaq istəyirdik. Mən işi çox da dərinləşdirmək istəmirdim, çünki Ağa Mir Əsədulla müstəşriqlə bərabər miss Hannanın ziyafətinə gəlmiş əziz qonaq hesab olunurdu. Mən onu təhqir etmək fikrində deyildim. Lakin miss Hanna müstəşriq Hertmanla bərabər mübahisənin davamı üçün israr edirdilər. Onlar əvvəlcə mənə müraciət etdilər, lakin mən bir söz bilməyəcəkdim. Çünki keçən mübahisəmizdə Ağa Mir Əsədulla Babda Allaha məxsus bir süfət olduğunu isbat edəcəyinə söz vermişdi, buna görə də əvvəlcə söhbəti o başlamalı idi. Mən Ağa Mir Əsədullaya müraciət edərək: – Mən çox rica edirəm ki, Babda Allahlığa məxsus nə süfət olduğundan danışasınız. Mir Əsədulla: – Xeyli xub! – dedi. – Mən bu barədə sizə eşitmədiyiniz bir çox həqiqətlər söyləyəcəyəm. Bunu bilməlisiniz ki, Babın dediyi sözləri heç bir peyğəmbər deməmişdir. Bab bəşəriyyəti siniflərə ayırmır, o bütün bəşəriyyətin qardaşlığını vəd edir. Bab deyir ki, dünya, ancaq mən gətirdiyim dinin vasitəsilə həddi-buluğa yetişəcəkdir. Babın dini dünyada nəşr edildiyi zaman millətlər arasında din və məzhəb ixtilafı qalmayacaqdır. Bab dini, millətlərin arasında ixtilaf və ədavəti məhv eləyəcək və mədəniyyət Bab dininin möhkəm əsasları üzərində qurulacaqdır. Bu sözləri dedikdən sonra Ağa Mir Əsədulla mənə müraciət etdi: – Buna nə deyə bilərsiniz? Bunları indiyə qədər hansı bir bəşərin dilindən eşitmişsiniz? – Bu sözlərdə Allahlığı göstərə biləcək bir xüsusiyyət yoxdur. Bunlar Babdan daha əvvəl ortalığa sürülmüş bir məsələdir, lakin bir fərqlə ki, ta keçmiş zamandan ən böyük insanlar bəşəriyyətin arasındakı ixtilafın təsviyə olunması üçün dinlərin təsviyəsini lazım bilir. Bab isə yenə də bəşəriyyətin qarşısına yeni bir din qoymuş olur. Ağa Mir Əsədulla bir az duruxdu. Fikrini isbat edə bilmədiyindən pərt olduğu halda mənə belə bir sual verdi: – Hərgah Bəha və Babda Allahlıq qüvvəti yox idi, bəs necə oldu ki, iki nəfər adi və sadə adamın gətirdiyi din bütün dünyaya yayıldı? Mən cavab verdim: – İranlılar islamiyyəti qəbul etdikləri vaxt, onun içərisinə xüsusi bir etiqad olaraq şiəliyi daxil etdilər. Şiəlik bayrağı altında qüvvətli bir səltənət quran səfəvilər aralıqdan çıxdıqdan sonra İran hökuməti səyasət və iqtisadca iflas etməyə və mövqeyini qonşu dövlətlərə təslim etməyə başladı. Qüvvətli bir hökumət səyasətini istinad etməyən şiəlik, iflasa varmış olan İran məmləkətinin fikri həyatında dərin və qorxulu şaşqınlıqlar toxumu saçmağa başladı. Bəhayilik də şaşqınlıq ifadələrindən biri idi. Şiəlikdən siyasi intibah və mədəniyyət ünsürlərinin yoxluğunu təyin etmiş olan İran ziyalılığının, Babın gətirdiyi dinə böyük ümidlər bəsləməsi, bu dindən inkişaf, əsaslı bir yenilik və tərəqqi gözləmələri, bəhayiliyin intişarının əsas səbəbi oldu. Doğrudan da, bəhayilik intişara başladıqda, bir çox narazı və hökumətlə barışmayan şəxslər bu yolun ətrafına toplandı. Babın şagirdləri Mazandaran, Tehran, Zəngəndə hökumət əleyhinə qalxdıqları zaman, hökumətin zülmündən və yerli hakimlərin soyğunçuluğundan təngə gəlmiş bazar əsnafı və narazı ünsürlər də tamamilə Babın dəstəsinə qoşulmuş oldu. Şirazda, Çəhrikdə hökumət qoşunu ilə babilər arasında başlanan mübarizədə xeyli qan töküldü. Babın müridi Molla Məhəmmədəli Mazandaran şəhərini iflasa varmış bazar əsnafının yardımı nəticəsində ələ aldı. Bu cəhət Bab dininin yayılmasına yardım verən birinci və mühüm bir şəraitdi. İkinci şəraiti söyləməyə lüzum vardırmı? Müstəşriq qalxıb əlimdən tutdu və Ağa Mir Əsədullanın özü də: – Mən çox şad oluram ki, bir nəfər avamla deyil, ziyalı bir gənclə mübahisəyə başlamışam, – dedi. – Sizin bəhayiliyə nisbətən rəğbətiniz olmasaydı, bəhayiliyi olduğu kimi öyrənə bilməzdiniz. Aralıqda buraxdığınız bəzi səhvlərə gəldikdə, ümid edirəm Həzrəti Əbdülbəhanın səfayi-batinilə onları da islah edəcək və həqiqi bəhaliliyi qəbul edəcəksiniz. İndiyə qədər bəhayiliyi sevə-sevə tərif edən və o dinə rəğbət bəsləyən miss Hanna, artıq bəhayilikdən üz çevirməyə hazır olan bir adama oxşayırdı. O, maraqla mənə: – İndi Bab dininin intişarının ikinci səbəbini deyin, – təklifi ilə müraciət etdi. Mən də bəhayiliyə yeni bir zərbə vurmağa başlayıb dedim: – XIX əsrdə, Rusiya hücumlarını rəf etməklə məşğul olan Osmanlı sultanları, İran məmləkətinə qarşı hücumlarını dayandırmağa məcbur olmuşdu. Özünü Osmanlı nüfuzu altından qurtarmış olan İran, artıq Rusiya və İngiltərənin siyasi intriqalarına meydan olub qalmaqda idi. İranla fikri ixtilaflara səbəb olaraq hökumət ərkanının həmrəyliyini pozan və onların nəzərini mühüm siyasi məsələlərdən çəkib onları boş, dini münazəə və münaqişə ilə məşğul edən və buna görə də, ümumiyyətlə, ölkənin həyat, müdafiə və tərəqqi qabiliyyətini şikəst edən Babın zühuru, əcnəbi müdaxiləsi üçün əlverişli bir hadisə idi. Bunu, Rusiya və göstərdiyimiz səbəblərə görə, İngiltərə müstəmləkəçiləri də alqışlamaya bilməzdi. Cənubi İranda ingilis müstəmləkəçiliyinə yardım verən Bab zühur etdiyi vaxt, Rusiya səfiri də Mirzə Hüseynəli Nurini Tehranda peyğəmbərliyə hazırlamaqda idi. Mirzə Məhəmmədəli və Mirzə Hüseynəli Nurinin öz çıxışları belə daima əcnəbi intriqasına meydan olmuş hüdud şəhərlərində başlayırdı. Bab Təbrizdə güllələbaran edildikdən sonra, Bəhaullahı da Nəsrəddin şah Tehranda həbs etdirdi. Bəhaullah həbs edildikdə Rusiyanın Tehran səfiri açıqdan-açığa işə müdaxilə ilə onun azad edilməsini tələb elədi. Bəhaullah azad olur-olmaz Tehranda Rusiya səfarəti onu təntənəli bir surətdə qəbul etdi və Bəhaullah uzun zaman rus səfarətxanəsində qonaq süfətilə qaldı. Bundan da əvvəl Bəhaullahın rus səfarətilə sıx əlaqəsi var idi. Onun qardaşı Mirzə Həsən belə rus səfarətinə xidmət edirdi. İran hökumətinin tələbi üzrə, İngiltərə – Rusiya dövlətləri arasında aparılan müzakirə nəticəsində Bəhaullahın Bağdad şəhərində təbid edilməsi qərara alındı. Rusiya səfiri Bəhaullah üçün təntənəli bir müşayiət düzəltdi və rus səfarətinin ən məsul işçilərindən birisi onu Bağdad şəhərinə qədər müşayiət elədi. Bəhaullah Bağdada getdikdən sonra Osmanlı hökumətinin təlimatı üzrə imam Hüseyn ziyarətinə gedən şiələr arasında mürid toplamağa başladı. Bu münasibətlə də İran, Kürdüstan və İraq hüdudları bəhayi təbliğatının qorxusu altında qaldı. İran hökuməti osmanlılarla olan Bağdad müqaviləsini əsas tutaraq, Bəhanın köçürülməsini tələb etdi. Nəticədə də Bəha Əlirnə vilayətinə köçürüldü. Bəhayi rəhbərləri arasında düşən dini ixtilaf nəticəsində Türkiyə hökuməti Bəhaullahı Heyfə şəhərinə göndərdi. Bu gündən etibarən də Fələstini türklərdən qoparmaq istəyən ingilislər, Bəhanın təlimatından istifadəyə başladı. Açıqdan-açığa müstəmləkəçi dövlətləri müdafiə etməsi, Bab kimi, Bəhaullahın da İran satqınlarının və Şərqə yalnız bir müstəmləkəyə baxan kimi baxan Qərb imperialistləri arasında nüfuzunu qaldırdı. İndi bəhayiliyin tamam imperialist dövlətlərin mənafeyini gözləyən, gizlin və siyasi bir təşkilat olduğu da heç kəsdən gizlin deyil! Mir Əsədulla qızğınlıqla: – Yanılırsınız, – dedi. – Mən yanılmıram! Bütün bu dediklərimi, Bəha və Əbdülbəha dininin imperialist dövlətlər əlində alət olduğu iddiasına aid sübutları, Əbdülbəhanın öz əlilə yazdığı «səyyah» sərlövhəli məqalədə daha aydın oxumaq olar. – Siz onu oxumuşsunuzmu? – Bəli, oxumuşam! – Əcəba, siz bu cəhətlərə diqqət verərkən Həzrət Əbdülbəhanın başqa-başqa təalimınə diqqət vermədinizmi? – Hansı təalimınə? – Əbdülbəha iştirakiyun əqidəsini Marks və Engelsdən qabaq meydana atmamışdırmı? – Belə deyil! – dedim. – O deyir ki, biz iştirakiyun firqəsi kimi, dini mədəniyyətə zidd hesab etmirik, çünki əsası din üzərində qurulmayan mədəniyyətin axırı ixtilaldan ibarətdir. Bunu «Fəraid» adlı bəhayi əsərinin 541-ci səhifəsində oxuya bilərsiniz. Bəhayilik sosializm yox, sosializmə qəti meyili olmayan, tamamilə monarxizmi təbliğ edən bir təşkilatdır. Bəhayi dininə sadiq olanlar isə əksəriyyətcə böyük-kiçik tacir, ehtikarçı, dükançılardır. Bəhayiliyin monarxizm tərəfdarı olduğu haqqında da bunu deyə bilərəm ki, bu dinin baniləri vərasət və xanədançılıq rəsmiyyəti ilə din rəyasətinə keçirlər. İlk əvvəl Bab, Babdan sonra Bəha, Bəhadan sonra Əbdülbəha və habelə bir-bir hökumət başına keçməkdədirlər. Hələ özünün marksizmi intişar etdiyi iddiasında olan Əbdülbəha, tam mənasilə monarxist bir şəxsiyyətdir və mütləqiyyətçi hökumətlərlə də dostanə əlaqə saxlamaqdadır. Əbdülbəha çar Nikolaya yazdığı lövhəsində: «Yarəb, işıqlı olan Rusiya hökumətinə kömək elə» demişdir. Əbdülbəha Məmmədəli şah haqqında yazdığı lövhəsində xəbəriniz vardırmı nə yazır? Məmmədəli şah taxta oturduğu zaman «nazik» eylədiyi «lövhədə» bütün bəhayilərə belə bir müraciətdə bulunmuşdu: «Ey əhibba! İranda Məmmədəli şah əleyhinə başlamış inqilaba qoşulmayınız! İran taxtı adil bir padşaha qismət oldu. Ey əhibba! İranda heç bir firqəyə qoşulmayın, heç bir əncümən və siyasi qruplarla yoldaş olmayın. Səltənətə xidmət edin!» İndi siz bəhayiliyin təmamən monarxist bir təşkilat olduğuna inandınızmı? Cənab Seyid məni məzun buyurarsa, bir az da Bəha və Əbdülbəhanın atdığı başqa şüardan danışardım. Bu sözümə Mir Əsədulla cavab vermədi. Mənsə buna baxmayaraq, sözümü bitirməli və zərbəni tamamlamalı idim: – Əbdülbəhanın təaliminda göstərildiyinə görə dünya xalqlarını birləşdirən vasitələrdən birisi də, ümumi dil və ümumi yazı məsələsidir. Halbuki bu Bab və Bəhadan daha əvvəl meydana atılmış bir fikirdir. Esperanto dili və yazısı tərəfdarları, dünya sülhünü dillərin və yazıların süni surətdə birləşməsində görmüş və bu barədə bir kitab da nəşr etmişlərdir. Mən sözümü bitirmişdim. Müstəşriq Hertman Mir Əsədullaha belə bir sual verdi: – Bəhayilik elm və evlad tərbiyəsi işlərinə nə nəzərlə baxır? Mir Əsədulla gülümsünərək: – Qoyun, ağa bu barədə söyləsin, – deyə cavab verdi. Mən: – Hərgah cənab Seyid icazə verirsə, mən bəhayiliyin elm və evlad tərbiyəsinə dair nəzəriyyəsi haqqında danışa bilərəm, – dedim. – Bəha öz təaliminda «fənsiz, yəni fəni ilə əlaqədar olmayan din lazım deyildir» demişdir. Bu sözləri tez-tez «nazil» buyurduğu lövhələrin hamısında təkrar edir. Lakin onların «Kitabi-Əqdəs»ləri tamamilə bu fikrin əleyhinədir. Mir Əsədulla yerindən danışdı: – Burası böhtandır! – dedi. – Mən heç vaxt böhtan söyləməmişəm, yenə də söyləməyəcəyəm. «Kitabi-Əqdəs»dəki bir ayəni sizin xatırınıza salmalıyam. Orada yazır ki: «Əlləmə zurriyyətəkum ma nəzələ minəssəma ülüzəmətü». Yəni evladınıza böyük sənalardən nazil olanları öyrədiniz (yaxud oxudunuz). İndi mən sizə sual verirəm, dini kitabların hansı birisində fənnə aid bir kəlmə vardır? Yaxud bəhayiliyin öz dini əsərlərində bir kəlmə də olsa bu barədə yazılmışdırmı? – Yox Əbdülbəhanın bütün əsərləri, insanları əxlaq dərsinə təbliğ edir. Əbdülbəha yaxşı yaza bilir və öz dinçilərinə də tövsiyə edərək yazır: «Elmin əsası yazıdan ibarətdir. Yazı elmin paltarıdır». Həqiqi bəhayilərdən heç birisi evladını elm və fənnə, xarici dillər öyrənməyə buraxmamışdır. Onlar bəhayi uşaqlarına məxsus məhdud proqramlı xüsusi məktəblər açmışlar ki, bu da xristianlıqda olan kilsə məktəblərinin eyni deməkdir. Ağa Mir Əsədulla bu sözlərdən sonra bir misal gətirdi və dedi: – Günlərin birində, həzrəti İsa öz həvariyyuni ilə gedirdi. Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. Həvariyyun burnunu tutub dedi ki: «Baxın köpəyin nə qədər murdar qoxusu gəlir». Həzrəti İsa onlara cavab verdi və dedi ki, insanların ən fəna xasiyyətlisi odur ki, bir şeyin daima fəna tərəflərini axtarar. Siz nə üçün qoxumuş köpəyin ağ və təmiz dişlərini görmədiniz? İndi də, cənab ağa, bizim müsbət tərəflərimiz haqqında heç bir söz buyurmadınız, halbuki Bəha və Əbdülbəha dinində qadın və izdivac məsələsi lazımınca həll edilmişdir. İndiyə qədər heç bir peyğəmbər Bəhanın və Əbdülbəhanın qadına verdiyi hüququ verə bilməmişdir, – dedikdə mən: – Doğrudan da, mən bəhayilikdə qadın və izdivac məsələlərinə toxunmamışdım, çünki burası bəhayiliyin ən xəstə cəhətidir. Əfv edərsiniz – dedim. – Mən qadın və izdivac məsələlərinə toxunmaqdan utandım. Əvvələ orada çox qabalıqlar vardır, ikincisi də miss Hannanın burada olması qadın haqqında açıq danışmağıma imkan vermədi. – Əcəba, bir söz ki, peyğəmbərin kitabında yazılmışdır, onu demək və dinləmək bir qüsurmudur? – Rica edirəm. Əbülhəsənbəy, yenə də rica edirəm, mübahisəni yarımçıq qoymayın! – İndi ki, miss Hanna icazə verir və cənab Seyidin özü də bu barədə danışmağı tələb edir, bir neçə söz danışmaq lazımdır, – dedim. Mir Əsədulla isə: – Lakin bütün dedikləriniz dini kitaba əsaslanmalıdır, – dedi. – Sizə söz verirəm. Bəhayi şəriətində olmayan bir söz deməyəcəyəm. Bəhaullah «Kitabi-Əqdəs»də izdivac məsələsindən danışdığı vaxt belə yazır: «Sizə haram oldu atalarınızın qadınına evlənmək». Bunu Bəha ərəbcə yazmışdır. Məhəmmədin Quranında qadın barəsində belə bir əmr vardır. Lakin Məhəmməd evlənmək cayiz olmayan qadınların hamısını tamamilə göstərmişdir. Bəha isə yalnız «analarınızla evlənməyin!» demişdir, burada xalq belə düşünə bilər: Bəhayilik dinində olan kişi anadan başqa bacı, bacı qızı, qardaş qızı, xala, bibi, hətta öz qızı ilə belə evlənə bilərmiş. Doğrudan da, hərgah bugünkü bəhayilər bu saydıqlarımızla evlənmək istəmirsə, onlar həqiqi bəhayi deyil! Mən bunu da təkrar etməliyəm ki, Bəhanın «Kitabi-Əqdəs»də yazdığı «analarınızla evlənmək sizə haram oldu» sözləri, bəhayi xalqı arasında böyük bir narazılıqla qarşılandı və Bəha özünün «Sual-cavab» adlı əsərində narazı olanlara belə cavab verdi: «Mən «Kitabi-Əqdəs»də ancaq analarla evlənməyi haram buyurdum, qalanlara evlənmək işi isə «beytülədl» borcudur». İndi bir az da bəhayiliyin qadınlara verdiyi hüquq məsələsindən danışalım. Bəhaullah «Kitabi-Əqdəs»də deyir ki, «qılman hökmünü verməkdən həya edirik». Bu hökmü ilə Bəhaullah öz dinini daşıyanlara, qadınlardan başqa gözəl gənclərlə yaşamaq imkanı da yaratmışdır. Bunun üstündə böyük mübahisələr açıldı. Bəhaullah tənqid edildi. Yenə də Bəha cavabında məsələni «beytülədl»ə həvalə elədi. Bəha dinində bir qız, yaxud bir qadınla qeyri-rəsmi əlaqədə bulunan hər kəs olursa-olsun «beytülədl»ə 9 misqal altun verməlidir. Qadın azadlığı haqqında danışan Bəha Tehranda bəhayilər tərəfindən açılmış «qadın azadlığı» adlı cəmiyyəti öz təşəbbüsü ilə qapatdı. Bu məsələ Avropa və Amerika mətbuatı səhifələrinə keçdiyi zaman, Bəha öz ailəsinin açıq şəkillərini çəkdirib dərc olunmaq üçün mətbuata göndərdi. Çox gülməli burasıdır ki, haman şəkillərin Şərq məmləkətlərinə göndərilməsi qadağan edilmişdi. Zənnimcə, bu dediklərim kifayətdir. Onsuz da sizin və cənab Seyidin rahətini pozdum. Mübahisəmiz bitdi, söhbətin mövzusunu dəyişdik, gecə saat on ikidə vidalaşıb miss Hannanın evindən dışarı çıxdıq. * * * Çar konsulxanasında ziyafət İki gün bundan əvvəl çar konsulxanasında, Hacı Səmədxanın şərəfinə böyük və təntənəli bir ziyafət veriləcəyini eşitmişdim. Bu ziyafətdə bəzi mühüm xəyanətlər üçün zəminə qoyulacağı şübhəsiz idi. Ninanın burada iştirak edib-etməyəcəyi bəlli deyildi. Hər halda mən Nina ilə bu barədə danışmaq, hərgah o ziyafətdə iştirak edəcəksə, bəzi məsələləri tapşırmaq istəyirdim. Mən bu məqsədlə də faytonu qoşdurub evdən çıxmışdım. Ninanın evinə getmək vaxtı deyildi, hələ tez idi. Şəhəri dolaşmağa qərar verdim. Məcidülmülk mağazalarına tərəf gedərkən bağ-meşə qapısında həddindən artıq camaat toplandığını görüb faytonu saxlatdım. Tağıyev Qafqazlının boğulmuş meyidi küçəyə atılmışdı. Mən belə bir hadisə üz verəcəyini bir gün əvvəl bilirdim, çünki Tağıyevin «Nobər» məhəlləsində həbs edilib Hacı Səmədxanın yanına aparıldığını eşitmişdim. Səmədxanın əmisi oğlu Mahmud xan öz vəzifəsini yerinə yetirmişdi. Tağıyev həqiqi inqilabçı deyildi: çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. Ara sakit olan kimi ağ atını minərək silahlı surətdə şəhərə çıxardı. Təbrizlilər daima şəhərdə sakitlik bərpa olduğunu Tağıyevin atlı gəzməsindən bilərdi. Təbriz dükançısı bir-birinə rast gələrkən, dadaş nə var, nə yox? – deyə soruşduqda, o birisi: – Tağıyev gəzir, qorxmalı bir şey yoxdur! – deyə cavab verərdi. Bunlar öz yerində, hər halda Tağıyevin belə fəci bir surətdə öldürülüb küçəyə atılması mənə çox təsir etdi: əvvəla onu bir inqilabçı deyə məhv etmişdilər, ikincisi də meyidin küçəyə atılması, Təbriz inqilabında iştirak edənlərin ruhunu öldürmək və onları qorxutmaq demək idi. Nə isə, uzun düşünməyə dəyməzdi. Hər halda çar konsulu bu kimi intiqamlarla öz məğlubiyyətinin əvəzini ala bilməyəcəkdi. Faytonu sürüb keçmək istərkən konsulun faytonuna rast gəldim. Onu görən Təbriz camaatı, içərisində kimin oturduğuna diqqət vermədən özünü düzəldib, daima əyilməyə öyrənmiş başını bir daha əyməyə hazırlaşırdı. Cürbəcür səslər eşidilirdi: – Gədə, nə belə payız buzovu kimi bəyirirsən? Görmürsən ki, generalın faytonu gəlir? – Gədə, bu yana çönə bilməzsənmi? – Faytonçu bizə baxır! – Adamın üstünə zəhm əyləşir! Camaat bir-birini itələyib irəli soxulur, atların ayağı altına qədər irələməyə çalışırdı. Konsulun faytonundakı Nina, bir də konsulun böyük qızı Olqa idi. Onlar məni görərkən faytonu saxlatdırdı. Konsulun qızı mənim əlimi sıxaraq, son hadisələrdən zərərdidə olmadığımı Ninadan eşidib sevindiyini söylədi. Mən bu təsadüfdən razı qaldım, bəlkə də, bu təsadüf mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi. Faytondan düşüb piyada gedirdik, faytonu yavaş-yavaş dalımızca sürürdülər. Bir tərəfimdə Nina, o biri tərəfimdə Olqa qolumdan tutub yeriyirdi. Onların bu gediş ilə məni hansı tərəfə aparacağını bilmirdim. Biz xeyli yol getdikcə də heç bir söz danışmırdıq, üçümüz də ətrafdakı mənzərəni tamaşa ilə məşğul idik. Başını endirən, börkünü çıxarıb salam verən, təbəssümlərlə baxan, başına hərəkət verən, bizə qarşı təbrizliyə məxsus nəzakət göstərən və sairə həddindən artıq idi. Bir nəfər, əlində karandaş qızlara baxıb şeir yazan da var idi. Biz yavaş-yavaş gedirdik, şeir yazan da bizi izləyirdi. Nina məndən soruşdu: – O, əlində qələm dalımızca gələn rəssamdır? – Xeyr, şairdir! – O nə yazır? – Heç şübhə yoxdur ki, sizin ikinizdən birinizə bir qəzəl ithaf etmək istəyir. – Nə qədər maraqlı!.. Nə yazdığını bilsəydik... – Burada heç bir çətinlik yoxdur. Mən şeir yazanı barmaq işarəsilə yanıma çağırdım. O, ehtiyat edir, yaxınlaşmağa tərəddüd göstərirdi. Yanındakılar ona ürək verdilər və onu irəli sürüdülər, mən onun gözlərində bir qorxu və həyəcan sezdim. Azərbaycanca dedim: – Siz nə üçün bizə yanaşmaqdan qorxursunuz? Biz də sizin kimi bir adam deyilikmi? O mənim azərbaycanlı olduğumu bildikdən sonra özünü qismən ələ aldı, təşviş və həyəcanları keçməyə başladı. O, kağızını cibinə qoymaq və qələmini gizlətmək istərkən, soruşdum: – Siz rəssammısınız? – Xeyr, cənab ağa, şairəm. – Adınız nədir? – Mirzə Davər. – Təxəllüsünüz nədir? – «Bina». Təbrizdə bəndəni hamı tanıyır. – Çox pakizə, mən çox şadam ki, Təbrizdə bir şairə təsadüf etdim. Təəssüf olsun ki, yazılarınızla tanış deyiləm. – Siz fars lisanını oxuya bilirsinizmi? – Çox gözəl oxuyuram. Bəs siz özünüz azərbaycanlı olduğunuz halda nə üçün farsca yazırsınız? – Türkcə şeirlərə rəğbət edən yoxdur. Adətimiz belədir. Nə edə bilərik, hökumət dilidir. – Çox gözəl, bizim xanımlara ithaf etmiş olduğunuz bədii bir şeiriniz vardırmı? – Tamam etməmişəm, yazırdım. – Tamam etmək üçün çox vaxt lazımdır? – Xeyr, beş-altı dəqiqə! Mən Nina və Olqaya müraciətlə: – Biz bu gedişlə hara gedirik? – deyə soruşduqda onlar: – Mağazalara gedəcəyik, – dedilər. Şairi onlara təqdim edərək: – Mənim danışdığım şairdir, – dedim, – o sizin üçün şeir yazmışdır. Lakin onu tamamlamaq üçün beş-altı dəqiqə vaxt lazımdır. Qızlara bu çox xoş gəldi. Gəncin əlini sıxarkən elə bil onun dünyası dəyişdi. O, şadlığından nə edəcəyini şaşırmışdı! Qızlar bir cavahirsatan mağazaya girincəyə qədər, Mirzə Davər bizimlə bərabər gəldi. Orada vidalaşıb getmək istədikdə mən: – O şeiri mənə verə bilməzmisiniz? Xanımlar yazdığınız şeirlə çox maraqlanır; lakin bilmirəm bunların hansı birisinə yazmısınız, – dedikdə o, belə cavab verdi: – Üst dodağının sağ tərəfində kiçik qara xal olan qıza yazmışam, – dedi. Şair Mirzə Davər şeiri mənə verib getmək istədikdə mən onu dayandırdım, ovcuna 25 manat rus parası qoyaraq: – Bəlkə, yenə də görüşdük, – dedikdə qızlar yenə də onun əlini sıxdı. Biz ondan ayrıldıqdan sonra, camaat onun ətrafına toplandı, o, şadlığından nə edəcəyini bilmirdi. Çünki Təbriz şairi bütün ömründə bir şeirə 25 manat para aldığını görməmişdi. Tacirlərə və əyanlara yazılan şeirlər bir tüməndən artıqla mükafatlanmazdı. Mirzə Davər Bina şeirini Ninaya ithaf eləmişdi. Mən şeiri bəyəndim. Şeir tez yazıldığına baxmayaraq, hər halda dəyərli idi. Bebinəm əz nəfəsi an camali-zibara, Digər nəzər nə guşayəm behişti-huraya. Kəsi ki, sayeyi-sərvi-tu iftədəş bərsər Digər həvəs nəkunəd nəxli-turi tubara. Zihsərti-ləbi-nüşət, çu mey cigərxunəm, Bu pişi-xud nədəhəm rəh şərabi-minara Çu tari cəng, ziçəngi-qəmət şüdəm, lağər Əzan kəşəm çu kamança xruşu bicara. Mən tərcümə etdikdən sonra ifadə tərzi ilə, təşbehləri etibarilə təmam əski Şərq qəzəlləri səpkisində yazılan bu xam şeiri, Nina çox bəyəndi, hətta Mirzə Davəri mükafatsız buraxdığına təəssüf elədi. O: – Obrazları gözəl obrazdır, – dedi, – mən birinci kərədir ki, Şərq şeirində belə obrazlara rast gəlirəm. – Bu əski qəzəlçilik məktəbi təsiri ilə yazılmışdır, – dedim. – Hələ sən İran klassik şeirindən nə bilirsən ki? – Yeni ədəbiyyatı ilə fəxr edən Almaniya da, bu gün şeiri, Şərqin o əski ədəbi məktəbi təsiri altında yaradır. Bir neçə gün əvvəl ən təzə yazılmış bir parçanı oxuyurdum; onda da həmin bu qəzəldə oxuduğumuz eyni sözlər təkrar edilir: «Mən bir quş olaydım, sənin pəncərənin qarşısındakı çiçəklənmiş ağacın üzərinə qonub duraydım. Mən bir bülbül olaydım ki, sən mənim səsimi eşitməkdən həzz alaydın. Mən bir ovuc torpaq olaydım ki, sən onun üzərində gəzmiş olaydın». Mən: – Bu barədə uzun-uzadı danışmalıyıq, – dedim, – lakin bu cavahirsatan dükanında danışılası məsələ deyildir. Başqa bir zamana buraxaq. İndi buyurun görüm bu mağazada nə işiniz vardır? Nina konsulun qızından əvvəl cavab verdi: – Bu gecə böyük bir ziyafət vardır, haman ziyafətdə bütün konsullar iştirak edəcəkdir. Olqa orada iştirak etməyə hazırlanır, lakin layiqli sırğaları yoxdur. Mağazaya sırğa almaq üçün gəlmişdir. Sonra da Olqanın özü danışaraq: – Siz cavahir işində ustasınız, bu sizin sənətinizdir, rica edirəm, mənim üçün bir cüt sırğa intixab ediniz, – dedi. Mən: – Təəssüflər olsun ki, son hadisələr nəticəsində ticarəti hələlik dayandırmışıq, lakin yolda olan mallarımız yaxın zamanlarda gələcəkdir. Hələlik burada bir şey taparıq. Lakin mallarımız gəldikdən sonra, əvəz etmək də mümkündür. Nina üçün də İtaliyada xüsusi sırğa sifariş verilmişdir. Orada sizə layiq dəyərli şeylər də vardır. Olqa eşitdiyi sözlərə inanmırdı, o mənim özünə bu qədər hörmət bəslədiyimi bilmirdi, buna görə də əlimi təkrar olaraq sıxır və mənə təşəkkür edirdi. Mən mağazaçıya yanaşaraq: – Xanım üçün nəfis sırğa lazımdır. Hərgah İtaliyada tökülmüş olursa, daha məqbuldur, – dedikdə o: – Varımızdır! – deyə bir cüt qayət nəfis sırğa gətirdi. – Bir cüt daha gətir, – dedim. Nina tələsərək: – Yox lazım deyil! Sən bilirsən ki, mənim qiymətli sırğalarım vardır – dedi. – Yox, axşamkı ziyafətdə xanımla bir sırğa taxmağınızı məsləhət görürəm, – dedikdə Olqa əlini əlinə sürtərək dedi: – Bax nə qədər sevimli və nəzakətli bir zat! Nina sən özünü xoşbəxt hesab etmirsənmi? Nina «xoşbəxtəm» cavabını verdi. Olqa qiymət soruşdu, mağazaçı: – Qəti qiymət, hər iki sırğa üçün 3 min manat rus parası, – deyə bildirdi. Olqa heyrətli bir gülüşlə: – Aman, aman nə qədər «uzuc» imiş. Atam mənə yalnız üç yüz rüblə vermişdir, – deyərək geri dönərkən, mən: – Dayanınız, xanım qız, – deyə onu qaytardım, mağazaçıya sırğaları bağlaması işarəsini verdim və qızlara dönərək: – Bunlar mənim sizinlə olan səmimi tanışlığımın xatirəsi olaraq qalmalıdır. Mənim xatirəm qəlbinizdə qaldığı kimi qulaqlarınızda da qalsın, – dedim. Mağazaçıya altı dənə rus beşyüzlüyü verib, sırğaları götürdüm. İstər Ninanın, istərsə də Olqanın bu qədər məmnun olacağı xəyalıma gəlməzdi, xüsusən Olqa faytona minənə qədər təşəkkür edirdi. Faytona oturdu; onları konsulxanaya qədər müşayiət elədim. Olqa mənim özlərilə bərabər konsulxanaya getməmi təkrar-təkrar rica etsə belə, mən boyun qaçırdım, çünki gündüz ora getməyin heç də lüzumu yox idi. Olqa içəri girdikdə: – Axşam sizi ziyafətə gətirmək üçün fayton göndərəcəyəm, – dedi. Mən Ninanın evində oturub düşünür və özüm-özümə sual verirdim: «Əcəba, konsul məni ziyafətə dəvət eliyəcəkdirmi? Doğrudan da, onun qızının dediyi kimi mənim dalımca fayton göndəriləcəkmi?» Buna heç də inanmırdım. Konsulun Ninaya böyük hörmət bəslədiyini bilirəm, lakin çar general-konsulunun Azərbaycan valisinə verdiyi ziyafətdə sadə bir tacir kimi tanınmış zatın iştirak etməsi çox çətin idi. Sonra qulağımda at ayaqlarının səsi canlandı, deyəsən, qapıda bir fayton durdu, bir neçə saniyədən sonra qapı vuruldu, konsulun nökəri içəri girdi. O, konsulun yazdığı məktubu mənə verdi: «Möhtərəm Əbülhəsənbəy! Cənab Şücaüddövlənin şərəfinə verilən ziyafətdə iştirak etmənizi rica edirəm». Bu məktub mənim əvvəlki fikirlərimi dağıtdı, çar konsulu qızına verilən böyük hədiyyəni qiymətləndirmişdi. Bu ziyafətlə nə qədər maraqlanırdımsa, orada inqilab rəhbərlərinin qatilləri ilə üz-üzə oturmağın da o qədər çətin olduğunu hiss edirdim. Mən Nina və konsulun qızı Olqaya balkonda təsadüf etdim və ziyafət salonuna da onlarla bərabər daxil oldum. Salondakı qonaqlar da sanki mənim intizarımı çəkirlərdi. Hələ qonaqlardan əvvəl məni konsul, onun arvadı Anna Semyenovna və kiçik qızları Nadejda qarşıladı. Konsul məni qonaqlara təqdim etdikdə: – Əbülhəsənbəydir. Yeznəmizdir, – deyirdi. Mən bir çoxlarının qanlı əllərilə bərabər, inqilabçılara edam hökmünü yazan hərbi səhra məhkəməsi sədrinin də əlini sıxdım. Qonaqların hamısı gəlməmişdi. Yenə də İran ənənəsinə riayətlə məclisə ən sonra gəlməyi və məclisdə olanların ayağa qalxıb ona təzim etməsini özü üçün fəxr sayanlar var imiş. Salondakılar bir-bir, iki-iki bufetin qarşısında durub əllərində çəngəl, məzə nimçələrini qurdalayır və konyak içirdilər. Mən Nina və konsulun qızları ilə birlikdə gəzişirdik. Söhbətlər yenə də onlara hədiyyə etdiyim sırğalardan başlamışdı. Konsulun arvadı qızları səslədi: – Qonağa imkan verin bufetin yanına buyursun, – dedikdə Nina: – İçən deyil, istəyirsə getsin, mane olmuruq, – deyə cavab verdi. Biz onlarla birlikdə, qonaqlar toplaşıncaya qədər pianonun yanına gəldik. Konsulun qızları növbətlə çaldı. Konsul da gəlib əyləşdi, söhbət musiqi üzərinə gəldikdə o, İran musiqisini mədh edərək dedi: – Zatən mən İran musiqisini və o kimi böyük bir musiqi mədəniyyətinə malik xalqı da sevirəm. Lakin xalq, imperator hökumətinin onlara nə kimi səadət verəcəyindən xəbərdar deyildir. Onlar çox avamdır, buna görə də hər yerindən qalxan onları aldada bilir, xalqın həqiqi yolunu dəyişdirir və onları fəlakətə salır. Siz bir yaxşı düşününüz, Səttar xan üsyanından bu günə qədər bədbəxt Təbriz xalqına nə qədər müsibət üz göstərmişdir? Hərgah xalq bizim tövsiyəmizi eşitmiş olsaydı. Məhəmmədəli şah da gəlib taxtında oturar, məmləkət də səadətlə yaşardı. Mən: – Cənab general düz buyurur. Xalqımız tez aldanır, – dedikdə, konsul: – Əlbəttə, aldanır, – deyə təsdiq etdi. – Onların Rusiya sosial-demokratları gedən yol ilə getməsi tamamilə yanlışdır. Rusiya işçisi özü üçün nə gün ağlamışdır ki, iranlılara da haman səadəti verə bilsin. Biz onlarla lazım olduğu kimi hesablaşdıq. Onların nüfuzunu biz İranda yox, Rusiyada da qırdıq. Artıq Təbrizdə bir nəfər də olsa Rusiya işçiləri nümayəndəsi qalmamışdır. Onların göstərişlərilə üsyan edənlər isə namuslu iranlıların və onların nümayəndəsi Hacı Səmədxanın qeyrəti sayəsində məhv olmuş və olacaqdır. Mən, yenə də: – Dinc oturmurlar. İnsanın əsəbləri pozulur. Xalq öz rəhbərini tanımır! – dedim. – Mən birkərəlik İrandan yığışıb Rusiyaya getmək qərarına gəlmişəm. Hacı Şücaüddövlə Səmədxan kimi namuslu bir adamın əleyhinə intibahnamə buraxmaq nə deməkdir? Bu cür adamlar öz məmləkəti üçün nə kimi səadət qazana bilər?! Konsul papirosunu odlayıb: – İntibahnamə məsələsini də başqa cür düşünmək yaramaz. Orada iranlı əli olmaqdan çox əcnəbi dövlət nümayəndələrinin də əli ola bilər. Bu barədə danışmaq olmaz. İranın istiqbalı məsələsinə gəldikdə onu ancaq Məhəmmədəlinin yenidən İrana qayıda bilməsi həll eləyəcəkdir. – Əcaba onun gətirilməsi mümkün deyildirmi? – Mümkündür, lakin çalışmaq lazımdır. Xüsusən Təbriz xalqını anlatmaq və möhkəm zəminələr düzəltmək lazımdır. Ona da sizin kimi ziyalı iranlılar və nüfuzlu ruhanilər kömək verməlidir. Məmləkət məhv olur, hərc-mərclik gündən-günə artır, ölkədə sülh və əmniyyət bərpa etmək üçün gələn qonşu dövlətin əsgərinə də hücum edir və öz dostlarını silahla qarşılayır. – Bu vəzifəni yerinə yetirmək üçün bütün varlığımla çalışmağa hazıram. Siz bilirsiniz ki. mənim tərbiyəm rus tərbiyəsidir. Bu tərbiyə isə rus mədəniyyətini tələb edir. Hərgah cənab Şücaüddövlə bizim mədəniyyətin İranda möhkəm bir mövqe tutmasına tərəfdardırsa, mən ona kömək verməyə və xalqı da buna hazırlamağa söz verirəm. Yanımıza başqaları da yanaşdı, söhbətimiz burada bitdi. Qısa bir söhbətlə çar konsulu öz məqsədini bildirdi, onun intibahnamə məsələsində nə kimi fikirlər daşıdığı və Məhəmmədəlini İrana gətirmək fikrindən vaz keçmədiyi meydana çıxdı. Konsul bu söhbətlərdən sonra qızına verilən hədiyyə məsələsinə keçərək dedi: – Çox təəssüf edirəm ki, siz bu müddətdə bizə bir xidmət həvalə etməmisiniz. Bunu qəlbən arzu edərdim; bu barədə kiçik xanıma dəfələrlə demişəm, hazırda bizdən para qazanmaq üçün İran tacirləri bütün vaxtını qapımızın qabağında keçirir, rüşvət verməklə də, vasitəçi tapmaqla da işə malik olmaq istəyir. Siz istəsəydiniz, bütün işlərimizi sizin vasitənizlə düzəldərdik. Mən yenə də ondan razılıq edərək dedim: – Çox təşəkkür edirəm. Ticarət elə bir şeydir ki, iki dostun səmimi əlaqəsini poza bilər. Dost və səmimi adamlarla, yalnız dostluğu və səmimiyyəti davam etdirmək lazımdır. Bir də budur ki, mənim ticarətim cavahir ticarətidir. Bu günlərdə malımız da gələcəkdir. Hərgah general izacə verirsə, mən onun ticarət işləri üçün səmimi və sadiq adamlar tapa bilərəm. – Təşəkkür edərdim. Bizə elə adamlar da lazımdır, biz hər kəsə inana bilmirik. – Elə isə mən inandığım adamı öz məktubumla sizin xidmətinizə göndərərəm, mənim özüm üçün sizin dostluğunuz və üzərimdəki himayəniz hər şeydən qiymətlidir. İmperatorun ölkəmizə uzatdığı yardım əlinin kölgəsində olmaqdan daha qiymətli şey yoxdur. – Sizin Təbrizdə qohumlarınız çoxdurmu? – Bəli vardır. Məni də Təbrizdə saxlayan onlardır. Çünki onların bir çoxu fəqirdir. Onlara maddi cəhətdən yardım etmək lazımdır. Yoxsa mən Rusiyanı buraxıb burada qalardımmı? – Elədir. Siz onları hər halda təmin etməlisiniz, xüsusən hazırkı zamanda onlar heç bir təqsirləri olmadan da zərərdidə ola bilərlər. Siz, əlbəttə, konsulxananın himayə vəsiqələrindən onlara paylamalısınız. Konsul bunu deməklə Ninanı çağırdı və təkrar tapşırdı: – Sabah tezdən, yüz dənə himayə vəsiqəsi hazırlarsınız, cənab Əbülhəsənbəyin qohumları çox imiş, siz bunu gərək vaxt ikən düşünəydiniz, çünki cənab Səmədxanın adamları səhvən də olsa, cənab Əbülhəsənbəyin qohumlarını incidə bilər. Son günlər bu cür hadisələr çox tez-tez baş verir. Nina: – Baş üstə, cənab general! – deyərək yenə də pianinoya tərəf getdi. Konsulun arvadı Anna Semyonovna bizim yanımıza gələn kimi söhbətlərin mövzusu bir daha dəyişdi. O: – Mən və cənab general neçə müddətdir ki, mühüm bir məsələ barəsində sizinlə danışmaq istərdik, – dedi, – bunu danışmaq üçün bu gündən də əlverişli bir gün yoxdur. Allaha şükür fəsadçılar məhv oldu, Təbrizdə yaşayış adi şəklinə girdi, indi siz də, başqaları da gələcəkdə dinc və salamat həyat keçirəcəyinizə əmin ola bilərsiniz. Buna görə də biz məsləhət görürük ki, kiçik xanımla olan əlaqənizi qanunilişdirib, ona bir ailə şəkli verəsiniz. Mən qısaca: – Mən və Nina, mənsub olduğumuz möhtərəm və kübar ailənin icazəsini gözləyirik, – cavabını verdim. Bu sözüm üzərinə konsul öz arvadına dönərək: – Nə qədər səmimi, nə qədər tərbiyəli bir gəncdir! – dedi. Dəvət edilmiş qonaqlardan bir çoxu gəlmişdi, süfrə başına keçmək üçün Azərbaycan valisi Hacı Səmədxanın intizarını çəkirdik. Valinin gəlmək xəbəri verildikdə, konsulun düzəltdiyi kiçik simfonik ansambl İran marşını çalmağa hazırlaşdı. Hacı Səmədxan, onun müavini sərdar Rəşid, Etimadüddövlə, Hacı Səmədxanın əmisi oğlu şəhər komendantı Mahmud xan, sərdar Rəşidin arvadı İraida və bacısı Mahru xanım, simfonik ansamblın tərənnümləri altında ziyafət salonuna daxil oldu. General konsuldan başqa, salondakıların hamısı, Şərq qaydasınca, əllərini döşlərinə qoyub Hacı Səmədxana təzim elədi, mən də onları təqlid etdim. Konsul birinci olaraq məni Hacı Səmədxana təqdim etdikdə o mənim üzümdən öpdü. – Sizi fəramuş buyurmamışıq, cənab generalın Nemətabadda verdiyi ziyafətdə xidmətimizə müşərrəf olmuşdunuz – dedi. Konsul onun mənimlə bir ağanın öz nökərilə danışdığı kimi danışdığını hiss etmiş olmalı ki, bir daha məni ona təqdim edərək söylədi: – Əbülhəsənbəy bizim ailənin möhtərəm bir üzvü sayılır. Onun cənab valiyə qarşı bəslədiyi səmimi ehtiram haqqında ailəmiz içərisində qəti bir etimad mövcuddur. Sizin Əbülhəsənbəyə nisbət iltifatınız da bizim ailəmizə bəslədiyiniz dostluğun içərisinə daxildir. Səmədxan konsulun bu sözündən sonra özünü yığışdırdı və səsinin ahəngini dəyişərək dedi: – Cənab ağanı birinci görüşdə bəyəndim. Nəcib bir zat olduğunu bildim. Doğrudan da, ağanın vücudunu Təbriz üçün böyük bir qənimət hesab edirəm. Hacı Səmədxan bu sözdən sonra, sərdar Rəşidə müraciətlə: – Ağanın özünün və əqvamının salamətliyi təmin olunmalıdır. Nə qədər salamətlik vəsiqəsi lazımsa ağadan müzayiqə etməməlisiniz, – dedi. Sərdar Rəşid valiyə təzim edərək: – Əmr, əmri-mübarəkdir, – dedi. Mən özümü qismən təmin olunmuş hesab edirdim. Özümüzün saxta vəsiqələr qayırdığımıza baxmayaraq, konsuldan və Hacı Səmədxandan alacağımız vəsiqələrlə də Təbrizdə gizlənmiş neçə yüzlərcə mücahidin Təbrizdən salamat çıxıb getməsinə səbəb olacaq idik. Hələ süfrəyə oturmamışdıq. Qonaqlar iki-iki, üç-üç qruplara ayrılaraq gəzirdi. Mən sərdar Rəşid, Hacı Səmədxan bir tərəfdə, konsulun qızları, Nina, İraida bir tərəfdə kiçik dəstə düzəldib dolaşırdıq. Əvvəlcə Etimadüddövlə, sonra Mahmud xan konsulun arvadı ilə bərabər gəlib konsulun qızları düzəldən qrupa qoşuldu, mən uzaqdan baxırdım. Mahmud xan Ninanın qolundan tutub gəzmək istərkən Nina qolunu onun qolundan çəkib başqa tərəfə keçdi. Onlar bir neçə dəqiqə dolaşdı, yenə də Mahmud xan ona yanaşdı. Nina isə əvvəlki kimi ondan dartınıb kənara çəkildi və dəstədən tamamilə ayrılaraq mənim yanıma gəldi. Süfrəyə əyləşdik. Mahmud xan hər bir piyaləsini qaldırırkən, Ninaya baxır və gözlərilə «Sənin şərəfinə içirəm» işarəsini verirdi. Çox sağlığa içildi. Süfrə başında bir çox məsələlər həll olundu. Səmədxanla konsul arasında gedən alış-verişdən birisi də Etimadüddövlə məsələsi idi. Etimadüddövlənin şərəfinə içilərkən, Səmədxan söz alaraq danışdı: – Etimadüddövlə vaqeən xeyli inanılmalı bir zatdır. O, doğrudan da, Urmi hakimliyinə layiqdir, – dedikdə, konsul: – Bizim tərəfimizdən heç bir manea yoxdur, – dedi. Ondan sonra da, süfrə başında oturanlar Etimadüddövləni təbrik etdi. Mahmud xanın şərəfinə içilməyə başlandı: hamı piyaləsini qaldıraraq içmək istədi, nə Nina, nə də konsulun qızları onun şərəfinə piyalə qaldırmadı, bununla da Mahmud xan özünün təhqir olunduğunu hiss etdi. Şam yeməyi bitdi; çay içmək, qəlyan çəkmək üçün qonaqlar başqa otağa keçdi. Mən, bəlkə də, gizlin söhbətlər olacaqdır deyə, gerilədim. Konsul bunu hiss edərək: – Buyurun! – deyə, məni də özü ilə bərabər apardı. Otaqda konsul, mən, Etimadüddövlə, sərdar Rəşid və Səmədxandan başqa kimsə yox idi. Çay və qəlyan gətirdilər. Səmədxanın sözlərini konsul üçün mən tərcümə edirdim. Həbs və edam ediləcək şəxslərin məsələsinə keçdikdə Səmədxan: – Siz cənab konsula tərcümə edin! – dedi. – Mən Səttar xanın qardaşı Hacı Əzimin və onun iki oğlunun asılmasını məsləhət görmürəm. Onların evlərini dağıtdıq və bütün var-yoxunu aldıq. Özlərinin azad edilməsini məsləhət görürəm. Konsul bu sözlərdən razı qalmadı və: – Buna bir səbəb göstərmək lazımdır! – dedi. Səmədxanın boğazı qurudu, güclə cavab verdi: – Onların Təbrizdə böyük nüfuzu vardır, hələ Səttar xan da Tehrandadır. Xüsusən Hacı Əzim də bəlvalərdə iştirak eləməmişdir. Konsul yenə də sözə başladı: – İmperator hökumətinin bütün təşəbbüsləri yeni valinin mövqeyini möhkəmlətmək üçündür. Bu kimi ünsürlər təmizlənməzsə, Təbrizdə yenə də bəzi ixtilaf zühur edə bilər. Buna baxmayaraq, hərgah cənab vali məsləhət görürsə, bizim etirazımız yoxdur. Səmədxan sözünü davam etdirərək: – O ki, maralanlı Hüseynxanın edam edilməsidir, burada mənim də etirazım yoxdur, – dedi, – lakin mən cənab generaldan rica edərdim ki, onu aparıb Xoy şəhərində edam eləsinlər. Onun burada edam olunması Maralan xalqının iğtişaşına səbəb ola bilər, çünki maralanlılar çox haramzada adamlardır. Konsul: – Bu yaramaz, – dedi, – çünki biz İranın daxili işlərinə qarışmaq istəmirik. Bu məsələlər sizin öz işinizdir. Hərgah onu Xoyda edam etsələr, yenə İran məhəlli hakimləri tərəfindən edam edilməlidir. Səmədxan konsulun bu təklifini qəbul etdi, sonra Məşədi Rzanın azad olunmasını rica edərək: – Onu çox döydürmüşəm. Bu da onun üçün kifayətdir, qoy deməsinlər ki, Səmədxan günahsızları da edam etdirir – dedi. Çar konsulu burada da güzəştə getdi və Hacı Səmədxanın qarşısına imza olunmaq üçün bir siyahı qoydu. Bu edam olunacaq şəxslərin siyahısı idi: Kəblə Haşım dəllal Məşədi Abbasəli qəndfüruş Hacı Əli dəvafüruş Mirzə Əhməd Süheyli Mirzə Ağabala Xiyabanlı Mir Kərim Natiq Məhəmməd Əmi oğlu və sairə... Səmədxan bunların edamına razı oldu. Əli titrəyə-titrəyə eynəyini silib gözünə taxdı; nəhayət, gecə saat birin yarısında edam hökmünü imza etdi. Mən bu vərəqəni görürkən, təsəvvürümdə canlanıb ucalan dar ağaclarında iki ildən bəri bərabər çalışdığımız yoldaşları seyr edirdim. Siyasi söhbətlər və ziyafətin əsas məqsədini təşkil edən bütün məsələlər həll edildiyi vaxt, konsulun kiçik salondakı musiqi dəstəsi çalırdı. Hamımız qalxıb salona keçdik. Mahmud xan qızlar əyləşdiyi yumşaq divanın ətrafında fırlanırdısa da, özü üçün oturmağa yer tapa bilmirdi. Qızlar məni gördükdə, ən əvvəl Mahru xanım: – Əbülhəsənbəy, bura buyurunuz. Məclisimiz çox kəsalətli və kədərlidir, – dedi. Mən onların yanında oturdum. Qarşımızdakı girdə stolun üzərində çay və şirniyyat düzülmüşdü. Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. Stolun dövrəsində Nina, bacısı İraida, sərdar Rəşidin bacısı Mahru, konsulun qızları Olqa və Nadejda otururdu. Söhbət üçün maraqlı bir mövzu axtarılmaqda idi. Onlardan biri musiqidən alınan nəşəni bütün nəşələrdən üstün tuturdu, o birisi dəniz səyahətindən, başqası çöllərdə dolaşmaqdan, bir başqası axşamın səfasından, digəri səhərin nəşəsindən danışırdı. Mən onlardan icazə istəyərək: – Söhbətinizdə mən də iştirak edə bilərəmmi? – deyə soruşduqda, hamısı birdən: – Bunların hamısı sizi ortalığa çəkmək üçün deyilmi? – dedilər. Mən onlara belə bir sual verdim: – Dünyada hər şeyin səfası birdirmi? Nəşələr arasında fərq yoxdurmu? Hamıdan qabaq İraida cavab verdi: – Hər şeydən, hər görkəmdən, hər mənzərədən və həyatın başqa-başqa şeylərindən alınan nəşələrin arasında heç bir fərq yoxdur. İnsana bədii zövq və mənəvi nəşə verən şeylərin arasında nə kimi fərq ola bilər? Çünki nəşə və bədii zövq deyilən şey, canlı bir şey deyildir ki, onları aralığa töküb müqayisə etmək mümkün olsun. İraidanın həm özü, həm də ona qulaq asanların fikrincə, bu doğru bir fikir idi. Təəccüb burasındadır ki, İraidanın bədii sahədəki istedadına və onun hazırcavab bir qadın olduğuna Ninanın özü də inanırdı. Mən çox mülayim bir etirazla dedim: – Zövqlər bir deyildir, biri digərindən fərqli olan mənzərələrdən alınan səfaların hamısı biri digərindən fərqlidir. Əvvəlcə bunu bilməlisiniz ki, dünyanın hər yeri və hər şeyi fərqlidir. İnsanlar belə şəkil, qiyafə və əlaməti-məxsusə, fikir, hiss cəhətcə biri o birisinə bənzəmir. Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib-içməsi və şəkilləri də fərqlidir. Yuxarıdan bəri göstərilən insan və heyvanların şəkli, təbii quruluşu və hər şeyi fərqli olduğu kimi onların duyğuları da bir-birinin eyni deyildir. Nəşə və səfaları insana hiss etdirən duyğudur. Ola bilər ki, bir insanın zövq aldığı şey, o biri insana zövqi-bədii verə bilməsin. İraida soruşdu: – Məsələn?.. – Burada nə düşünüləcək bir şey, nə də anlaşılmayan dərin bir fəlsəfə var. Hər kəs öz başına, yaşına görə zövq ala bilir. Səfa nədir? Hərtərəfli bəyənilən şeydən alınan zövq və nəşə deyilmidir? Hamısı birdən cavab verdi. – Belədir ki, var. – Elə isə burada hər kəs öz nəşə və zövq aldığı şeylərdən bəzisini söyləsin, baxaq, söylənənlərin arasında bir oxşayış tapa bilirsinizmi? Məsələn, ilk bahar – şairlərin böyük bir həsrətlə gözlədiyi lətif mövsümü bir düşünəlim: bu zaman aləm tamamilə yeni libasa girmiş olur. Səhralar zümrüd şəklini alır, günəşin yüksəkdən görünən işıqları sakit, saf, bərraq bir dənizin dalğalarında çimərək bəşəriyyətin gözünü işıqladır. O işıqlar yeni göyərməkdə olan cavan yarpaqların üzündən öpür, çəmənlərin üstünə düşən şəbnəmləri brilyant kimi parladır, uyumuş kələbəkləri uyğudan qaldırır, insanlar isə bunların hamısından zövq alır. Lakin bunlardan alınan zövq və səfalar bir deyildir. Məsələn, gecəyarısı, əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir... Ətrafı işıqlandırmaqda olan ay işığı da ara-sıra buludların arxasına keçərək yer üzünü kölgələndirir. Bu sırada bir-birini sevən bir gənc oğlanla gənc bir qız bağçaya baxan pəncərəni açaraq bu gözəlliyi, bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın olan şeylərdən danışırlar. Bunun da səfası başqadır. Sabaha yaxın issiz və səssiz aləm oyanmağa başlayır. Yavaş-yavaş Dan ulduzu da pərdə dalından sevimli bir gəncə baxan qızın göz bəbəyi kimi parlayır. Üfüqlərdə duran kiçicik boz buludların çöhrəsi utanmış pənbə üzlü bir qızın yanaqları kimi qızarır, bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir, xoruz da səhərin son siqnalını verir. Axşamdan bəri eşidilməkdə olan şəlalənin səsi də oyanmış quşların və vəzifə başına qoşan insanların səsləri arasında itib gedir. Səhərə məxsus ruzigar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını ataraq, günəşin ziyalarına yol açdığı zaman, təpələrin döşündə otlayan quzu sürülər də görünməyə başlayır. Çobanın çaldığı neyin səsi də qoyun mələşmələrinə qarışaraq bir musiqi ansamblını xatırladır. Quzu sürüsünün yanı ilə gedən gözətçi köpək də dərənin dibindən keçən dəvə karvanının zəng səslərini dinləyə-dinləyə qoşqulanır. Bunlardan alınan zövq və nəşələr də başqadır. Sözümü burada bitirmək istəyirdim, lakin Mahru yenə də məğrur qaşlarını dartaraq: – Bir az da söyləyin. Bizim xəbərimiz olmayan zövq və nəşələrdən danışınız, – dedikdə mən danışmağa məcbur oldum və dedim: – Öz yatağında şirin-şirin yatan uşağın üzü parıldayır, ara-sıra dodaqları gülümsər kimi görünür, pəncərədən içəri girən ruzigar da onun balışı üzərinə tökülən saçlarını dalğalandırır və onun gözəlliyini artırır. Belə sevimli bir uşağa baxmaqla ürək doymaz və sevməklə insan yorulmaz. Bu mənzərə insana könül oynadıcı bir nəşə verər. Bundan alınan bədii zövqlər də başqalarına bənzəməz. Nina burada: – Ah, bu mənzərə, doğrudan da, bədii bir mənzərədir! – deyərək köks otürdü. Onun öz Məcidini xatırlamış olduğu aşkardı. Mən: – Həyatda daha başqa zövq alınacaq anlar da vardır, – dedim. – Vurulmuş bir gənc özünün çoxdan bəri sevdiyi və arzuladığı bir qızı gördüyü və qızdan: «Mən də səni axtarırdım» sözünü eşitdiyi zaman duyduğu səfa, heç də başqa səfalara bənzəməz... Gözəl bir musiqi alətində çox bəyəndiyin bir havanı sevdiyin qızın çalmasından və xoş bir şərqini onun dodaqlarından eşitməkdən duyulan zövq və nəşə də bir ayrı aləmdir. İraida xanım düşündüyü kimi, hər şeydən alınan zövq və duyulan nəşələr – nəşədir. Amma onların biri digərinə oxşamaz. Məsələn, sizin heç xəyalınıza gəlməyən başqa səfalar da mövcuddur. Məhzun bir qəlb, səhər günəşinin aləmə bəxş etdiyi lətafətdən ziyadə, qürubun üfüqlər üzərində təsvir etdiyi məhzun lövhələrdən ləzzət alır. Nazik bir qəlb, cazibədar bir qızın gül rəngini və hələ uşaqlıq ifadələrini itirməmiş çöhrəsinə baxmaqdan ziyadə, dərdli, ələmli bir çöhrəyə tamaşa etməkdən nəşələnir. Bu da, hüzn içərisində şadlıq və qəmlər içində nəşə hiss etmək deməkdir. Bu da başqa cür bir səfadır. Hələ dünyanın şadlığından ümidini kəsən bəzi xəstə və zəif ürəklər də vardır ki, onlar daima ağlamaqdan nəşələnir, əyləncələrdən deyil, yas evlərində zövq aramağa çalışır. Əlbəttə, elələrinin zövq və nəşəsi sağlam və qüvvətli ürəyə malik insanların zövqünə bənzəməz. İndi növbət sizindir, hər kəs nədən çox zövq alırsa, onu burada söyləməlidir. Onların heç birisindən səs çıxmadı, onlar yalnız utana-utana bir-birinin üzünə baxmaqda idi. Bu sükut Səmədxanın konsulu və bizi vida edərək getmək istədiyinə qədər davam etdi. Biz yenə də evə dönmək üçün general konsulun faytonuna əyləşdik, yenə də dörd atlı kazak bizi müşayiət edirdi. Biz evə döndükdə Tütünçüoğlu və Həsənağanın bizi gözlədiyini gördük. Onlar mənim kazaklarla konsulxanaya getdiyimi eşidərkən rahətsiz olduqlarını söyləyib, ikisi də salamat evə qayıtdığımdan sevindi. Onlar şam da yeməmişlərdi. Nina qollarını çırmaladı, onlar üçün yemək hazırladı, özü də süfrəyə oturarkən: – Kaş mən ölünçəyə qədər bu ailəmdən ayrılmayaydım, – dedi. Mən Ninadan soruşdum: – Bir çox şeylər öyrəndim, sən nə kimi yeniliklər bildin? Nina cavab verdi: – Hacı Səmədxan konsulun tövsiyəsi üzərinə Mirzə Rza pişnamaza beş top ağ göndərmişdir. O, Məhəmmədəlini taxt-tacına qaytarmaq üçün camaatdan tərəfdar toplamağa və haman ağlara imza qoydurmağa başlayacaqdır. Həsənağa: – Qoymarıq! – dedi. – O da elə bir iş deyildir ki, Həsənağa öhdəsindən gələ bilməyə. Mirzə Rza pişnamazı öldürə də bilərik! Tütünçüoğlu: – O mənim işimdir, – dedi. Mən, buna razı deyildim, çünki Mirzə Rza pişnamazı bir hərbə kağızı ilə də bu yoldan qaytara bilərdik. Mən, Həsənağa və Tütünçüoğlunu buraxmadım. Nina və Təhminə xanıma: – Gecəniz xeyrə qalsın, – dedikdən sonra üçümüz də o biri otağa keçdik. Soyunub yatmaq istədikdə Həsənağa ilə Tütünçüoğlu hərəsi iki kiçik Bolqarıstan bombası çıxarıb başının altına qoydu. Mən: – Bunlar nə üçündür? – deyə soruşdum. Onlar: – Hərgah konsulxanadan salamat qayıtmasaydın, Səmədxan və konsulu məhv edib, özümüz də məhv olacaqdıq, – dedilər. Biz lapmanı keçirib yatağımıza uzanarkən dan ulduzu çar topları ilə yıxılmış olan cəbbəxananın dalısından baxır, sanki o da bizə: – Gecəniz xeyrə qalsın! – demək istəyirdi. * * * Hacı Səməd xana verilən saat Məşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi. Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim. Bu gün tezdən şəhərə çıxmışdım. Adətim üzrə şəhəri dolaşaraq səhər çayı üçün qayıtdığım zaman, Məşədi Kazım ağanı evdə gördüm. Mən indiyə qədər Məşədi Kazım ağanı bu qədər kədərli, bu qədər də qəmgin görməmişdim. Göz qapaqları bir-birindən güclə aralanırdı. Kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüşdü, sanki həyat ona bir kərə «məndən ümidini kəs!» söyləmişdi. O, ətrafına baxmırdı; gözünü bir nöqtəyə, oturduğu xalçanın nəqşinə zilləmişdi. Onun sabiq nökəri Hüseynəli əmi ayaq üstündə, bir heykəl kimi quruyub durmuş, əlindəki dəmir milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. Səriyyə xala evin bucağına qısılıb tez-tez kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. Otaqda onun dodaqlarının marçıltısından başqa bir səs yoxdu. Məşədi Kazım ağa məni görən kimi ayağa qalxaraq könülsüzlüklə salam verdi, yenə də xəstə adamlar kimi yerinə çökərək əvvəlki vəziyyətini aldı. Ələkbər yoldaş da yataq otağından çıxaraq çay salonuna keçdi. Məşədi Kazım ağa yenə də qalxıb salam verdi, sonra da əllərini dizlərinə qoyub sarban tərəfindən xıxlanmış dəvə kimi dizləri üstündə yerə çökdü. Mən ona belə bir sual verdim: – Təzə nə xəbər vardır? – Allaha şükür, hər şey təzədir. – Orası doğrudur. Bizə nisbət bir təzəlik vardırmı? – Olar da, olmaz da, bə nə olar? – Mən bunu anlamadım. Bir az açıq danışsaydınız yaxşı olardı. – Hacı Səmədxanın zülmü həddindən aşmışdır. Mən dərhal ona böyük bir zərər dəydiyini dərk etdim. Onun: «olar da, olmaz da, bə nə olar?» kimi müəmmadan ibarət olan cümləsinə qarşı mən də o şəkildə bir cavab verdim: – Hacı Səmədxanın zülmü başdan aşar da, aşmaz da, bə nə olar? O bu sözümdən sonra güclə göz qapaqlarını qaldırıb gözlərimin içinə baxdı və dedi: – Mən bunu heç də anlamadım. – İndi ki, anlamadınız sözünüzü açıq deyin görüm nə olmuşdur. – Hacı Səmədxanın əmrinə görə inqilaba hüsni-rəğbət göstərən bütün tacirlərin, hətta mənim də anbarımı və hücrəmi möhürləmişlər, məni də onlara qoşub evimi yıxmışlar. – Siz Hacı Səmədxanın yanında demək üçün əzbər etdiyiniz sözləri mənim yanımda deməməlisiniz. Necə yəni «məni də onlara qarışdırıblar», əcəba, siz məşrutə tərəfdarı deyildinizmi? Siz məşrutəyə kömək vermədinizmi? O, yenə də müəmmalı və anlaşılmaz sözlər danışmağa başladı. Sanki mən Hacı Səmədxanam, o da mənim qarşımda durub danışır və inqilabçı olduğunu gizlətməyə çalışır. O mənim: «Siz məşrutəyə kömək vermirdinizmi?» – sualıma cavab olaraq: – Verirdik də, vermirdik də, bə neynirdik? – deyə cavab verdi. O bu sözləri deyərkən, mən təəccübə dalmışdım. O isə kömək istəyən gözlərini mənə açıb durmuşdu. Mən sükut içində evi dolaşdıqda onun gözləri də məni izləməkdə idi. Bir qədərdən sonra ona müraciətlə dedim: – Demək ki, belə?.. – Əlbəttə ki, belə, mallarımı daşıyıb aparacaqlar. Gözünü məndən çevirərək yenə xalçanın naxışına dirədi, sakit oldu, öz sükutu ilə də sanki mənə bu sözləri demək istəyirdi: «Məşrutə mənim evimi yıxdı, olmazın zərərlərini çəkəcəyəm». Lakin o indiki halda məşrutədən əvvəd az sərmayəli bir tacir olduğunu və məşrutənin ona milyonlar qazandırdığını, mənim səbəbimə ingilis bankında milyon para yatırdığını, İranın müxtəlif şəhərlərində mülk aldığını heç də yadına salmaq istəmirdi. Biz ona verdiyimiz mənfəətin beş faizini belə inqilab mənfəətinə verməmişdi. Mən Səttar xan vaxtında düşündüklərimi yenə də xatırladım və Məşədi Kazım kimi tacirlərin gec-tez inqilabçıları düşmən qarşısında buraxıb çəkiləcəklərini bir daha qəlbimdə təkrar etdim. Artıq düşünməyə lüzum yox idi, irəli gəlib əlimi onun çiyninə qoydum: – Düşünməyə lüzum yoxdur, – dedim, – siz məşrutədən bir şahı da zərər çəkməyəcəksiniz. Siz bu dağılmış, tar-mar edilmiş, beş-altı nəfərlə gizlin iş üsuluna keçmiş Təbriz inqilabından yenə də milyonlarca mənfəətlər götürəcəksiniz. Bu barədə əmin ola bilərsiniz. Ələkbər yoldaşın haldan çıxmağa başladığını hiss etdiyimdən artıq söz danışmaq istəmədim. Əlbisəmi dəyişmək üçün içəri otağa keçdim, var-yoxum olan ağacdan hörülmüş çamadanımı açdım, oradan incə almazlara süslənmiş bir cib saatını götürüb çıxdım. Bu saatı mənə Ələkbər yoldaş hədiyyə vermişdi. Evdən çıxıb getmək istədikdə: – Yoldaş Ələkbər, siz çayınızı içiniz, – dedim, – mən mühüm bir işdən ötrü getməliyəm. Birbaş möhür qazanların yanına gəldim. Saatın üzərində bu cümləni yazdırdım: «Bərayi yadigari – Əmirnoyan cənab Hacı Şücaüddövlə Səmədxan». Faytona əyləşərək Hacı Səmədxanla görüşmək üçün Nizamüddövlə bağına gəldim. Qapıda bir qiyamət idi. Əlində Hacı Səmədxana veriləsi kağız olmayan bircə özümü gördüm. Burada bütün ictimai təbəqələrin nümayəndələri ilə bərabər malları alınan, anbar və hücrələrinə möhür vurulan tacirlər də bulunurdu. Bunlardan başqa, xəfiyyələr, casuslar, ehsan istəyənlər, mədhiyyə yazan şairlər, yeni qəsidəsini oxumaq istəyən dərvişlər, küçə oxuyanlarından kor əsgər kimilər, korlar, şillər, dilənçilər, vəzifə almaq üçün rüşvət gətirənlər də durub gözləyirdi. Faytona yol açdılar, qapıçıya yanaşdım. – Həzrət Əşrəfə, Əbülhəsənbəyin hüzura müşərrəf olmaq istədiyini ərz ediniz, – dedikdə, o icazə almaq üçün getdi. Mən də qapıda durub ətrafdan eşidilən danışıqları dinləyirdim. – İnsan buna təəccüb edirdi. Səttar xan vaxtında bizə istibdadçı deyib dağıdırdılar. Hacı Səmədxan vaxtında adımızı inqilabçı deyib anbarlarımı möhürləyirlər. Siz Allah, bir baxın görün Allah bu zülmü götürəcəkdirmi? – Bəs mənim işimə nə deyəsən? Yeznəmiz rus himayəsində, tövləmizdə də qoşun atları bağlanıbdır. – Mənim işim lap gülməlidir. Məhəmmədəli şahın və cənab konsulun tərəfdarı olan «İslamiyyə» mənim mülkümdə oturmamışdımı? Bəs belə olanda mənim anbarıma nə üçün möhür vurulsun? – Hacı Şücaüddövlənin bundan xəbəri yoxdur, mənim qızım Nəcarovun qardaşı nəvəsinin arvadıdır. Nəcarov da ki, imperator himayəsindədir. Bu dəxi vəsiqəsinin surəti! – Bəs buna nə deyirsən? Hacı Mirzəağa kimdir! Qardaşım qızı ona siqə deyilmi? İnqilab vaxtında Səttar xanın qapısında durub pul istəyən kor Şəfi, indi də Nizamüddövlə bağı ətrafına köçmüşdü. «Ay mənə yüz altun para verən, Allah sənin malını müstəbidlərə qismət eləməsin» deyən bu adam, indi də: – Ey mənə yüz altun para verən, Allah sənin pulunu mücahidə, əks-inqilabçılara, bənnəyə, at dəllalına, bağbana, yol kəsənə, qan tökənə qismət eləməsin! – deyə qışqırırdı. Dərvişlərin qəsidəsi də məzmununu dəyişmişdi. Buradakıların nə sözündə, nə də simasında inqilabın kiçik bir təsirinin izi belə sezilmirdi. Şairlərdən birisi də Hacı Səmdxana yeni yazdığı şeirini yanındakılara ucadan oxuyurdu. Lakin dinləyən yox idi: çünki hər kəsin özünə görə bir dərdi var idi. Mənim bağa daxil olmağıma icazə verildi. Bağa daxil oldum. Bu gün şiddətli küləklər başlamışdı. Bağdakı ağacların çılpaq budaqları biri digərini döyür, bəzən budaqların dallarında donub qalmış buzlu qar parçaları qopub xiyabanlara tökülməkdə idi. Külək bağdakı ağaclardan qalxan zəif qanadlı quşları da özləri istəmədiyi tərəflərə qovub aparırdı. Müqəddəratını küləklərə tapşıran sərçələr payız xəzəli kimi havada oynaşır və bir-birinə toxunurdu. Mən Hacı Səmədxanı həyətdəki hovuzun başında gördüm. O mənimlə görüşmək üçün oturduğu kürsünün üstündən qalxdı və məni çox mülayimətlə qarşıladı. Onun halında nə isə bir başqalıq vardı. O, qolumdan tutdu. Onunla balkona tərəf yönəldikdə mən hovuzdan çılpaq bir adamın çıxarıldığını gördüm. O, bir gənc idi, bütün vücudundan qan axırdı. Səmədxan onu buzlu suyun içinə salıb çubuq ilə döydürmüşdü. Gənci ayağından tutub sürüyə-sürüyə aparırdılar. O inləyirdi. Hacı Səmədxan işgəncəsinin bu şəkli məni tamamilə sarsıtdı və bağda Hacı Səmədxanın, yaxud başqalarının olduğunu belə unutmuş kimi oldum. Səmədxan mənim vəziyyətimi çox tez anlamış olmalı ki, bu işgəncənin səbəbini izah etdi: – Bir həftədən bəridir ki, bu ədəbsizi tutmaq olmurdu. Mən bunları tərbiyə etməyi bacarmıram, bunlar külliyyətcə ədəbsizdirlər. Bu nadürüst hər gecə bağın yanından keçəndə oxuyurdu, oxuduğu sözləri nədir? Səttarın vaxtında deyilən hərzə və hədyanlar. Birlikdə balkona çıxdıq. Xan narahat kimi idi. Özü də dönüb tez-tez hovuza sarı baxırdı. Mən bilirdim ki, bu narahatlıq gəncə verilən cəzanın yarımçıq qaldığına görə idi. Aşkardı ki, mənim gəlişim işgəncəni yarımçıq qoymuşdu. Görünür Hacı Səmədxanın xəyalı gənci ölüncəyə qədər suda döydürmək imiş. Qəbul salonuna daxil olduq. Xüsusi icazə ilə görüşə gələnlər, çörələmə salınan döşəkçələrin üstündə sıra ilə oturmuşdular. Onlar hamısı biz içəri girincə qəlyanlarının qəmişini ağzından çıxarıb ayağa qalxdı. Səmədxan məni orada oturanlara təqdim edərək dedi: – Cənab Əbülhəsənbəydir. Cənab general konsulun və bizim səmimi dostumuzdur. Cənab generalın sağ əlidir, özləri də generalın ailəsinə mənsubdurlar. Bu söz Hacı Səmədxanın ağzından çıxarkən burada olan əlliyə qədər adamdan hər birinin çöhrəsindəki ifadənin ani olaraq necə dəyişdiyi məndən gizlin qalmadı. Bu çöhrələrdə yaltaqlıq, riya, təməllüq və alçaqlığın hər cür şəklini görmək mümkün idi. Başlar əyilir, dişlər ağarır, yalançı təbəssümlər və saxta sözlər işə düşürdü: – Bəndəçiliyimiz var! – Mərhəmətiniz artıq! – Şərəfyab olduq! – Sərafraz olduq! – Nökərçiliyimiz vardır və i. Təbriz zadəganı, Təbriz ziyalısı, Təbriz əsilzadə və tacirinə məxsus bütün ikiüzlülük meydana qoyulduğu zaman, mən də Hacı Səmədxanın sağında salınmış döşəyin üstündə diz çökük oturmuşdum. Bir ara qəlyanların xorultusu və çay qaşıqlarının səsi yüksəldi. Öskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. Mənə də papiros gətirdilər. Danışan yox idi, mən də oturub Hacı Səmədxana gətirdiyim qiymətli saatı nə cür təqdim edəcəyimi düşünürdüm. Məşədi Kazım ağanın əmlakına vurulan möhür bu gün götürülməyəcək olursa, sabah malları daşınıb aparılacaq idi. Bir saatdan artıq müxtəlif sahələrdə danışdıq. Sərdar Rəşid də hüzura gəldi. Hacı Səmədxan onu görən kimi: – Cənab Əbülhəsənbəyin qohumları və tanışları üçün vədə verdiyimiz əmniyyət vəsiqələri hazırdırmı? – deyə soruşdu. Sərdar Rəşid: – Bəli, hazırdır, bu saat ağanın hüzuruna təqdim ediləcəkdir, – dedikdə,ələ fürsət keçdiyini hiss etdim və sözə başladım. – Bəndə yaşadığım evin sahibi Məşədi Kazım, doğrudan da, həzrət Əşrəfin həqiqi xeyirxahlarındandır. Hətta həzrət Əşrəf şəhərə təşrif buyurduqları gün, evində yüz nəfərlik bir ziyafət də düzəltmişdi. Bəndə özüm də o ziyafətdə iştirak etdim, eşitdiyimə görə onun əmlakı da möhürlənmişdir. Hacı Səmədxan təəccüblü bir surətdə sərdar Rəşidə müraciətlə: – Bu səhvi düzəltmək lazımdır. Biz öz dostlarımızı tanımalıyıq, – dedi və sərdar Rəşid də cavabında ərz etdi: – Bəndənin bu işdən xəbəri yoxdur. Mahmud xan əlində möhrü tutub şəhəri dolanır və kefi istədiyi qapını möhürləyir. Mən də bu barədə həzrət Əşrəfə ərz edəcəkdim. – Cənabın anbarından tezliklə möhrü götürüb özünə tapşırasınız və mənim dilimdən də ondan üzr istəyəsiniz. Bu sözdən sonra Səmədxan möhrünü ağ kağıza basıb sərdar Rəşidə verdi. Yarım saat sonra sərdar Rəşidin əmri ilə katib yüz əmniyyət vərəqəsi və anbarlardan möhrü götürmək üçün də bir əmrnamə gətirdi. Hər şeydən əmin oldum, indisə durub getməyə tələsirdim. Hacı Səmədxan mənə müraciət edərək: – Tələsməyə lüzum yoxdur, – dedi, – naharı birlikdə yeməliyik. Bu sözdən sonra Hacı Səmədxan jiletinin cibindən qapaqlı və qara emaldan qayrılmış bir saat çıxarıb baxdı və onun tarixindən bəhs edərək dedi: – Bu saat bəndə üçün çox qiymətlidir. Bunu Müzəffərəddinşah mərhum Frəngistanda mənim üçün almışdı, böyük yadigardır. Amma yaxşı işləmir, usta əlinə verməyə heyifim gəlir. Mən: – Yaxşı olardı ki, həzrət Əşrəf mərhum şahın hədiyyəsini öz əntiqəxanasına qoyub özü də başqa bir saat saxlayaydı, – dedim, – hazırda «Mauzer» firmasının çox nəfis saatları vardır. Bəndə çox arzu edərdim ki, həzrət Əşrəf onlardan birisini nümunə üçün yanında saxlasın. Hərgah həzrət Əşrəf bəndələrdən bir dostluq yadigarı qəbul etmək tənəzzülündə bulunsaydı, mən öz yanımda olan çox nəfis bir saatı ona təqdim edərdim. Saatı çıxardım, cəlladın gözü saatın üzərindəki qiymətli daşları görünçə daha da qızardı. O saata çox həris nəzərlərlə baxır və çevirib arxasındakı yazını diqqətlə oxuyurdu: «Bərayi yadigari-Əmirnoyan cənab Hacı Şücaüddövlə Səmədxan». Səmədxan bunu oxuduqdan sonra: – Hərgah cənab ağa bizə bu ləqəbi əta buyurursa, biz kəmali məmnuniyyətlə qəbul edərik! – dedi və bu cümləni salonda oturanlara oxudu. Salondakılar bu ləqəbi, təbrik etdi. Yaltaqlıq və riyakarlıq səhnəsi bir daha təzələndi, saat əldən-ələ gəzirdi. Oturanlar onu bir-birən verdikdən sonra, nəhayət, saat bu biri tərəfdən gəlib Səmədxanın əlinə yetişdi. Xan yenə də o tərəf-bu tərəfinə baxıb, saatı qoynuna soxdu. Etimadüddövlə mənə belə bir sual verdi: – Cənab Əbülhəsənbəy, bu saatlardan xərid etmək mümkündür, ya yox? Mən: – Xeyr! – dedim, – bu saatı mən ay yarım bundan əvvəl ancaq həzrət Əşrəf üçün Berlinə sifariş vermişdim. Hacı Səmədxan bu sözdən olduqca razı qaldı və: – Biz də bunun müqabilində cənab Əbülhəsənbəyə Əbülhəsənxan deməliyik, – dedi və bu barədə fərman yazılmasına əmr verdi. Biz birlikdə qalxıb nahar otağına keçmək istərkən, Mahmud xan içəri girdi. – Hacı Mirməhəmməd ağa geçpez gəlib, sizi ziyarət etmək istəyir, – dedikdə Hacı Səmədxan narazı bir ahənglə cavab verdi: – Buyursun görək! Hacı Mirməhəmməd daxil oldu. Hacı Səmədxanın icazəsilə əyləşdi. Oturanlarla boylanıb salamlaşdı, bir neçə kərə qalxıb oturdu, başını sağ-sola, yuxarı və aşağı əydi, sonra da qarşısına qoyulan çay və qəlyanla məşğul oldu. Onun qoynundan bir kağız çıxarıb Hacı Səmədxana təqdim etdiyini gördüm. Hacı Səmədxan, məncə, hələ kağızı axıra qədər oxumamışdı ki, birdən sanki barıt anbarına od düşdü. O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. Mirməhəmmədə qəzəbli bir nəzər ataraq: – Cəddin sənə qənim olsun! – dedi. – Xiyalın bütün Təbriz camaatını dara çəkdirməkdirmi? Axır bəsdir. And olsun başıma, evladi-peyğəmbər olduğuna baxmayaraq, bu saat səni asdıraram! Dur gözümdən rədd ol! Bir də bu bağın qapısından daxil olma! Həyasızın birisi, deyəsən, bizim Təbrizdə adam boğdurmaqdan başqa bir işimiz yox imiş. Məclisdə oturanların heç biri Hacı Mirməhəmmədin nə vaxt çıxıb qaçdığını bilməmişdi. Nahar otağı kiçik bir salondan ibarət idi. Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. Əl suyunu üç nəfər gətirmişdi. Onlardan birisi Hacı Səmədxanın əlinə su tökdü, ikinci mənim, üçüncü isə Səmədxanın sol tərəfində oturan sərdar Rəşidin əlini yudu. Hacı Səmədxanın əlinə su tökən başqasının əlinə su tökmədən salonu buraxıb getdi. İki qəfər isə sırada oturanların əllərinə bir-iki damcı su tökərək salondan çıxdılar. Əllərini silən yox idi. Hər kəs əlini şiş kimi qarşısına uzatmışdı. Su damcıları xalçanın üzərinə salınmış «ruyi-fərş»in üzərinə tökülürdü. Xonçalar ortalığa gəldi. Süfrədə birinci yeri tutan plov idi. Təbrizdə hökm sürən aclığa baxmayaraq, valinin süfrəsində əlli cürə xörək saydım. Tatlılar, mürəbbə isə bura daxil deyildi. Süfrə başında oturanların bir gözü Hacı Səmədxanın ağzında, digər gözü isə qarşısında qoyulan ləzzətli yeməklərdə idi. Yemək icazəsi verilmədən heç kəsin xonçalara əl uzatmağa cürəti yox idi. Hələlik Hacı Səmədxan da mənim ilə başladığı söhbətini bitirməmişdi. Söhbətlər Hacı Səmədxan ilə çar konsulu arasında olan səmimi dostluq əlaqəsi ətrafında gedirdi. O, İranın səadətini çar himayəsində görür və bunu da iranlılara tövsiyə edirdi. Süfrə başında oturanların səbri tükənmişdi. Onlar Səmədxana baxmaqla bərabər başqa xonçalarda qoyulan yeməkləri də müqayisəyə başlamışdı. Cücələrin köklüyünü, yağlı, yağsız olduğunu, mürəbbələrin əqsamını və sairləri gözdən keçirən çox idi. Uzun bir intizardan sonra Hacı Səmədxan bir kərə: – Ağayan, bismillah! – dedi. Süfrə başında oturanlar dərhal qarğa-quzğun kimi qanadlarını plov nimçələrinin üzərinə gərdi: barmaqlar nimçələrin böyrünü didməyə və ətləri çıxarmağa, cücələri cırmağa, plov nimçəsinə şapalaq vurmağa başladı. Hacı Səmədxan düyüdən bir loğma yeyərək durmuşdu, onun nimçəyə dirənən gözü yol çəkirdi. Nəhayət, aşpazı səslədi. Aşpaz içəri girib təzim etdi. Səmədxan qayət acıqlı bir surətdə ona müraciət edərək: – Düyünü nə üçün əzibsən? – soruşduqda, aşpaz qorxusundan cavabı təxirə saldı. Buna görə də Səmədxan adamlarına müraciətlə: – İndi ki, cavab vermir, aparıb ağzını tikin, – dedi. Aşpazı apardılar. Mənim tüklərim biz-biz durdu. Lakin etiraz etmək imkanı yox idi. Başqaları da etiraz etməyərək plov yeməkdə davam edirdi. Ağzını cücə əti ilə doldurub burnundan nəfəs alanların fısıltısı içəridə ağzı çuvalduz qıyıq ilə tikilən aşpazın iniltisini eşitməyə mane olurdu. * * * Rəfizadə və Şümşad xanım Hacı Səmədxanın evindən çıxıb Ninanın yanına gəldim. Bütün əhvalatı danışdım, təşəbbüsümü təqdir etdi. Mən Təhminə xanımı göndərib axşam saat doqquzda Həsənağanın Tütünçüoğlunu da götürüb bizə gəlmələri sifarişini verdim. Bir saat rahət olmaq istədim, lakin mümkün olmadı. Məcid çarpayının üzərinə atılıb yenə də tülkü ilə xoruzun nağılını başladı. Yata bilmədim. Təhminə xanımın qızları Töhfə və Sənubər xanımlar da gəldi. Nina, Mahru və İraidanın gələcəyini də xəbər verdi. Onun dediyinə görə, bu gün Mahrunu yasdan çıxarmaq və qara yas paltarını dəyişmək lazım gəlirmiş. Durub çarpayının üzərində oturmuşdum. İndi Məcid nağıl deməyi buraxıb Səttar xan olmuşdu. Səttar xanın ağ atını təmsil etmək üzrə bir qarğı ata minmişdi. Səngər evin ortasında qurulmuşdu. Balaca sandığın dalısında Qaradağ atlılarını əvəz edən oyuncaqlar bulunurdu. O, bir kərə qılıncını çəkərək səngərə hücum elədi və oyuncaqları darmadağın etdi. Mən onu tutub qucağıma aldım. Saçlarını oxşamağa başladım və ona sual verdim: – Sənin adın nədir? – Səttar xan. – Nəçisən? – Məcayib – Kimin oğlusan? – Anamın! – Anan kimdir? – Anamdır! – Adı nədir? – Anam. – Göstər görüm. – Odur, bax, qab aparır. Hələ anamı tanımırsan? Nina bizə tamaşa edirdi. O, qollarını Məcidə açdı. Məcid dərhal mənim qollarımın arasından çıxıb onun qucağına sıçradı. Nina onu öpərək: – Bəlkə, sən də olmayaydın, bəs mən bu evdə kimlərlə əyləncəkdim? – dedi. Ninanın bu sözü mənə də təsir etdi, hərgah Təhminə xanım gəlməsəydi, bu söz bizim Nina ilə başlayacağımız uzun bir söhbət üçün giriş olacaq idi. Təhminə xanım gəlib, tapşırığımı Həsənağaya yetirdiyini söylədi. Mən də evdə iclas olacağını Ninaya xəbər verərək vidalaşdım. Axşama o qədər qalmamışdı. Çoxları dükanlarını bağlayıb evinə gedirdi. Uzaqda yaşayan tacirlərin ağ uzunqulaqları, sürətlə sağa, sola, şimala və cənuba getməyə tələsirdi. Hələ vaxt var idi. Üzümü qırxdırmaq üçün Həsənxan dəlləyin dükanına girdim. Orada bir çox adam toplaşmışdı. Birisini döyürdülər, döyülən adamın söyüş və bəzən də yalvarış səsi gəlirdi. – ... yedim. Atamla, anamla, cəddu əbimlə, lənət öz atama olsun, anama olsun, bəsdir, vurmayın. Çakəşlər. Əl çəkin məndən. Səs lənətçi Məşədi Məhəmmədin səsinə bənzəyirdi. Onu döyənlər isə dəllək Həsənxan və onun şagirdləri idi. Həsənxan onu hər dəfə təpik ilə vurduqda deyirdi: – Köpəkoğlu, sən özünü elə yetirmisən ki, cənab Hacı Səmədxana da lənət oxuyursan? Mən buna inanmadım. Bir mən yox, lənətçi Məşədi Məhəmmədin Hacı Səmədxana lənət oxumasına heç kəs inana bilməzdi. Həsənxan bir təpik də vurub: – Köpəkoğlu, sən bilmirsən ki, Hacı Səmədxan da üzünü qırxdırır? Sənin nə həddin var ki, üz qırxdırana lənət oxuyursan? – dedi. Məsələ aydın oldu. Lənətçi Məşədi Məhəmməd hər gün Həsənxan dəlləkdən bir qran pul alardı. Bunun əvəzində o, dükanının qabağında durub üz qırxdıranlara lənət oxumamağı öhdəsinə götürmüşdü. Nəhayət, dəllək pul verməkdən yorulur, ona daha pul verməyəcəyini söyləyir. Lənətçi isə bunu görürkən, səhər tezdən dəlləyin dükanının qabağını kəsib üz qırxdıranlara lənət oxumaqla dükana heç bir kimsəni buraxmır, həftələrlə dükana müştəri gəlmir. Nəhayət, dəlləyin qardaşı Xasaxan Hacı Səmədxanın xüsusi bərbəri təyin olunduğu gün, Həsənxan cürətlənərək lənətçi Məşədi Məhəmmədən intiqam alır. Lənətçini dəlləyin əlindən alıb buraxdılar. Zarıya-zarıya, xəstə kimi gedirdi, nəhayət, bir az uzaqlaşdıqdan sonra, yenə də adəti üzrə: – Gözü ilə görənə lənət! – deyə gözdən qeyb oldu. Müxtəlif hadisələrə meydan olan küçələrdən keçə-keçə evə gəldim. Qaranlıq düşmüşdü. Evdə çıraqlar təzə-təzə yandırılırdı. Ələkbər yoldaş masa başında oturub Culfaya məktub yazırdı. Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. Səriyyə xala çay hazırlayır, Məşədi Kazım ağa isə yenə də səhər oturduğu yerdə əyləşib mürgüləyirdi. O, gözlərini açaraq məni gördü, ayağa qalxmaq istədikdə əlimlə çiynindən basaraq qoymadım. O, altdan yuxarı başını qaldırıb üzümə baxdı və minnətdarlıqla gözlərimə baxmaqdan çəkinərək dedi: – Məni əfv edin! Mən səhər sizin övqatınızı təlx etdim. Bütün var-dövlətim məşrutə yolunda qurban olsun. Ancaq sizin başınızdan bir tük əskik olmasın. Qoy anbarları da götürüb getsinlər, amma sizin səhər çay içməmiş getdiyiniz mənim qəlbimə toxundu. Siz məni fikirli görəndə başqa şey düşünməyin, doğrusu hərdənbir uşaqlar yadıma düşür. Onun üçün darıxıram. Mən yenə də səhərki kimi əlimi onun çiyninə qoydum. – Necə ki, demişəm, yenə də deyirəm, – dedim, – məşrutədən hər kəs zərər görürsə-görsün, sən mənfəət görəcəksən. Məşədi Kazım ağa bu sözdən sonra nə edəcəyimi çox səbirsizliklə gözləyirdi. O tamam bir diqqət kəsilmişdi. Ağzımdan çıxacaq sözün intizarını çəkir, bütün hərəkətlərimə göz qoyurdu. Mən əlimi qoltuq cibimə uzatdıqda diksindi. Fərmanı çıxarıb ona verdim: – Al, – dedim, – get bunu darğabaşıya ver, Hacı Səmədxanın fərmanıdır. Bununla darğabaşı möhrünü qırıb anbarlarını və hücrəni özünə tapşırsın. O, ilk əvvəl gözlərinə və qulaqlarına inanmırdı. Sonra birdən Hacı Səmədxanın möhrünü görüncə yerindən sıçradı, qapıya atılıb gözdən qeyb oldu. Saat doqquz idi. Tütünçüoğlu ilə Həsənağa gəldi. Məşədi Kazım ağa da anbarların möhrünü açdırıb sevinə-sevinə qayıtmışdı. Hələ iclası başlamamışdıq. Rusca bir məktub yazıb Məşədi Kazım ağaya verdim: – Sabah konsulxanaya gedərsən, – dedim, – bu məktubu konsula verərsən. – Bu nə məktubdur? – Burada sizi konsula tərifləmişəm. – Nə üçün? – Sizə pul qazandırmaq üçün! – Haradan? Bunu xəbər alarkən onun gözləri maraqdan iri-iri açılmışdı. – Siz gedərsiniz konsulun yanına, – dedim, – hazırda rus ordusunun təchizat işlərində bir çox tacirlər çalışır; bütün təchizat sənin vasitənlə düzələcəkdir. İşləri öz istədiyin adama tapşıracaqsan. – Doğrudanmı? – Doğrudan! – İndi getsəm olmazmı? Bəlkə də, səhərə kimi bir başqası gedib bu işə burnunu soxdu?! – Otur! Tələsmək lazım deyil. Heç kəsə verilməz. Sən oradan yenə də milyonlar qazanacaqsan. İclası başlamaq istərkən, miss Hannanın məktubunu gətirdilər. Məktub çox qısa yazılmışdı. «Əbülhəsənbəy! Xüsusi işimdən ötrü səni təcili surətdə görmək istəyirəm. Sizi sevən Hanna». Mən də cavabı qısaca yazdım. «Əziz dostum Hanna! Gecə saat 11-in yarısında... Əbülhəsən...» İclas şəhərə intibahnamə buraxılması məsələsini müzakirə etməli idi. Əvvəlcə Hacı Səmədxanın çar konsulu əlində alət olduğunu ifşa etmək, sonra da Səmədxanın Mirzə Rza pişnamaza beş top ağ göndərib Məhəmmədəli şahın İrana qayıtması üçün imza toplamaq istədiyini əhaliyə bildirmək lazım idi. Birinci növbədə Mirzə Rzaya təhdid məktubu yazıldı. «Cənab Mirzə Rza! Bu xəbərdarlıq məktubudur. Siz elə düşünməyin ki, məşrutənin çırağı tamamilə sönmüşdür. İranın azadlığı uğrunda çarpışanlar sizdən baş verən hər bir xəyanəti görür. Vaxtında hər kəs öz əməlinin cavabını verəcəkdir. Siz çar konsulu və onun aləti kəsilən Hacı Şücaüddövlənin tərğibi ilə Məhəmmədəli şahı İrana gətirmək üçün Təbriz xalqından imza yığmaq istəyirsiniz. Sizi xəbərdar edirik. Sizə göndərilən beş top ağ sizin və sizin kimilərin kəfəni olacaqdır. Sizə Təbrizdən çıxmaq üçün bir gün vaxt veririk. İkinci gün sizi amansız bir ölüm cəzası gözləyir. İran inqilab komitəsi». Məktub poçta vasitəsilə göndəriləcək idi. Sonra da özüm düzəldib yazdığım intibahnaməni iclasdakılara oxudum. Hamı intibahnaməni təqdir etdi. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. Bu yoldaşlar xalça fabrikası işçiləri ilə görüşüb onları təşkil etmək işini də öhdələrinə götürdülər. * * * Miss Hanna balkonda durub məni gözləyirdi. Mən bir az gecikmişdim. İçəri girdikdə, yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. Miss Hanna süfrəni göstərərək: – Burada səni görmədiyin bir çox adamla tanış edəcəyəm! – dedi. – Kimlər ilə? – Amerika konsulxanası işçilərindən Rəfizadə, arvadı Şümşad xanımla və bacıları ilə. Çay otağına keçdik. Qadınlar orada yoxdu, orada ancaq ortayaşlı bir iranlı gördüm. Miss Hanna məni tərifləyərək ona təqdim etdi: – Haqqında sizə danışdığım və bütün varlığımla səmimiyyət bəslədiyim Əbülhəsənbəydir. Sonra Rəfizadəni təqdim edərək: – Amerika konsulxanası mütərcimlərindən Rəfizadə cənablarıdır! – söylədi. Miss Hanna bizi orada buraxıb özünün əlbisə otağına keçdi. Mən oturub Rəfizadəni ayağından başına qədər gözdən keçirir, onun geyimi ilə çox maraqlanırdım. Onun boğazına taxdığı ağ sümük yaxalıq həddindən artıq uca idi, yaxalıq qulaqlarının yarısına qədər qalxmışdı. Çox uzun olduğuna baxmayaraq, çənəsi yenə də yarısına qədər yaxalığının içərisinə girmişdi. Yaxalığın üstündən bağladığı qara atlas qalstuk bütün döşünü örtəcək qədər enli idi. Qara sürtuğunun yaxalığını təzəcə dəyişmişdi. Çünki sürtuğun bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. Heç şübhə yoxdu ki, bığlarına da həna yaxmışdı. Lampanın işığı onun üzünə düşərkən bığlarının tükləri xoruz qanadı kimi parlayırdı. Onun simasındakı daimi təbəssümlərin də süni və yersiz olduğu aydındı. Ortalıqda təbəssümə səbəb olacaq heç bir şey olmadığı halda belə, onun dişləri ağarırdı. Libas otağından qadınların səsi gəlirdi: – Ay aman! Ay qız mən yad kişi üzünə necə çıxım axır? – Sən olasan həzrəti Abbasın o qələm olan qolları, ay Səlimə, məni yad oğlanın qabağına çıxarma! – Ay Şümşad, sən niyə utanırsan? Sənin ki, ərin oradadır. Sonra da miss Hannanın səsini eşidirdim. – Ay xanımlar. Siz olasınız mənim canım, çəkinməyin! Durun o yana keçək! Mənim evimi öz eviniz hesab edin. Oradakı tamamilə mədəni bir avropalıdır. Rəfizadə bu sözləri eşitdikdə bir daha təbəssüm edərək: – Bizimkilərdir! – dedi, – bir az utancaqdırlar. – Örtülümü gəzirlər? – Xeyr ağa! Nə örtülübazlıqdır? Çarşaf bizlərdə muzeyə verilmişdir! Bizimkilərin tərbiyəsi də avropalı tərbiyəsidir. – Burada olmağım xanımları sıxıntaya salarsa mən icazənizlə gedə bilərəm. – Xeyr, baba! Ta bəkey. Onları tərbiyə etmək lazım deyilmi? Onlar nə vaxta qədər kişilərdən qaçmalıdır? Artıq cəmiyyət içərisinə çıxmaları lazımdır. Bizim xanımlar özləri sizinlə maraqlanırlar. Onlar ağanın təşrif gətirməsi xəbərini eşidincə artıq dərəcədə şad oldular. Hanna xanım sizin haqqınızda elə müsbət bir fikirdədir ki, bizim hamımız ağanı görməklə maraqlanırdıq. Ağa, doğrudan da, biz öz mədəni adamlarımıza qiymət qoymalıyıq. Onların mədəniyyətindən istifadə etməliyik, xüsusən ağanın tərbiyəsi də bir qərbli tərbiyəsidir. Hərgah cəmiyyətimiz ağa kimi zatlardan təşkil olunsaydı, bizim xanımlarımız çoxdan bəri cəmiyyət içərisinə çıxmışdı. Amma nə edəsən ki, dala qalmışıq. İşimiz irəli getmir! Söz bura yetəndə pərdə qalxdı, avropalı qiyafəsində dörd qadın içəri girdi. Miss Hanna əvvəlcə ortaboylu gənc bir qadını mənə təqdim edərək: – Cənab Rəfizadənin zövcəsi, Şümşad xanımdır – dedikdə, qadın mənim əlimi sıxdı. Mən onun barmaqlarında, yad kişi ilə görüşərkən cəmiyyət içərisinə çıxmayan gənc və məhcub bir qadının barmaqları üçün təbii olan titrəyişi hiss etmədim. Miss Hanna o biri üç qadını da mənə təqdim etdi: – Bu xanımlar cənab Rəfizadənin bacılarıdır. Bu, Səlimə xanımdır, bu da Şuxşəng və Pərirux xanımlar... Qoca xidmətçi qadın çayı gətirib stolun üzərinə düzürdü. Mən stola qoyulmuş şirniyyatdan götürən barmaqlara da baxırdım. O barmaqlar da cəmiyyətə yeni çıxan qadının barmaqları deyildi. Onların simalarında, Şərq qadınlarına məxsus məhcub təbəssümlər də görünmürdü. Hətta gözlərində utancaq qadın baxışları da sezilmirdi. Bunlar bir sözlə, qətiyyən yad kişi üzünə çıxmamaq üçün içəri otaqda miss Hannaya yalvaran qadınlara oxşamırdılar. Rəfizadənin arvadı Şümşad xanım məni daha artıq şübhələndirirdi. Onun siması kişilər cəmiyyətində uzun illər vaxt keçirmiş bir qadının siməsını andırırdı. O, Şərq romanlarına məxsus tiplər kimi qövsi qaşlarını dartaraq kaman vəziyyətinə salır və üzümə baxdığı vaxt gözləri gülürdü. Mən Təbrizdə yaşadığım uzun zamandan bəri gördüyüm qadınlar içərisində bu gün tanış olduğum Şümşad xanım kimi bir qadın görməmişdim. Rəfizadəni şübhələndirmək və qısqandırmaq ehtimalı qarşısında bulunmasaydım, gözlərimi Şümşad xanımın üzündən bir an belə yayındırmazdım. Gözəl olmaqla bərabər, bu qadında qəribə xüsusiyyətlər vardı ki, mən bunların heç birisini başqa qadınlarda görməmişdim. Kişini cəzb edən və əyləndirən onun dili və şivəsi deyil, bəlkə də, bütün vücudu və gözəl vücudu ilə çoxca uyğunluğu olan qəribə hərəkətləri idi. Şübhəsizdir ki, bu, evli Təbriz qadınında təsadüf ediləcək bir xüsusiyyət deyildi. Onun dərin bir surətdə ah çəkərək köksünə hərəkət verişi, hətta nəzəri cəlb edəcək qədər tez-tez diksinişi, otağın tavanına baxdığı zaman göz bəbəklərindəki parıltının bir gözündə dərin kədər, digər gözündə isə şadlığa dönməsi və söhbət edərkən yalvarıcı bir vəziyyət alması, Təbriz qadınında təsadüf ediləcək sifətlər deyildi. Mən onun üzünə baxmaq həvəsindən vaz keçərək onunla uzun sürücü bir söhbətə girməkdən boyun qaçırmaq istəyirdimsə də o, ərini nəzərə almadan, məni məşğul etməyə və uzun sürücü bir söhbətin içərisinə salmağa səy edirdi. Rəfizadə mənim söhbətlərdən boyun qaçırdığımı və özünü qısqandırmaq istəmədiyimi hiss edincə, gülümsünərək: – Bizim xanım vaxt keçirilməli bir xanımdır, – dedi, – o, daima həyatı şad keçirməyə çalışan və dərdi unutdurmağa səy edən bir xanımdır. Onun bütün gözəlliyi də burasındadır. Təbrizdə belə xanımlar çox nadir tapılar. Çəkinməyin, xanım söhbəti hər şeydən artıq sevir. Mən xudavəndi-aləmə çox şükür edirəm ki, mənə bunun kimi saleh və gözəl bir əyal qismət buyurmuşdur. Mən bu sözlərdən ürəkləndim. – Doğru buyurursunuz, – dedim, – zövcəniz olduqca gözəl və insanı maraqlandıran bir qadındır. Onun gözəlliyi Təbriz qadınlarına məxsus bir gözəllik deyildir. Şümşad xanım təəccüblü bir surətdə: – Ola bilməz! Mənim Təbriz xanımlarına haram bənzəmir ki? – sordu. Mən: – Burasını qoyunuz cənab Rəfizadənin özü təyin etsin! – dedikdə Rəfizadə: – Xeyr, – dedi, – bu barədə sözü sizə veririk. Bunu miss Hanna və Şümşad xanımın özü də məndən tələb elədi. Nəhayət, mən məcburiyyət qarşısında qaldım və sözə başlayaraq dedim: – Gərək Şümşad xanım mən dediklərimin həqiqət olub-olmadığını özü də təsdiq eləsin. Mən Təbrizdə qadınlar olan bir çox ziyafətlərdə iştirak etmişəm. Mən bu gecə sizin xanımınızla başqa yerlərdə gördüyüm gözəl xanımlar arasında bir müqayisə yapırdım, o müqayisə bundan ibarətdir: əvvəlcə Təbriz qadınlarının xüsusiyyətlərindən başlayıram. Hər bir gözəl Təbriz qadını güldüyü zaman, onun hər iki yanağında bir çuxurluq vücuda gəlir. Bu Şümşad xanımda yoxdur. Təbriz qadınının gözləri uzunsov deyil, onların gözlərinin ağ hissəsi tamamilə ağ, qara hissəsi isə şəvə kimi qaradır. Təbriz qadınının gözlərindəki ağ hissənin içərisində qırmızı qan damarlarına da təsadüf edilməz. Təbriz qadınının dodaqları iki ox kamanının bir-birinin üstünə qoyulduğunu təsvir edir. Təbriz qadınının üzü olduqca ağ və pənbədir. Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır. Təbriz qadınının boyu uzundur, burada gödək boylu qadınlara çox az təsadüf edilir. Onların əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. Təbriz qadınında qadına məxsus bir yeriş vardır, onlar erkək libasına girsə belə, başqa şəhərlərin qadınları kimi qadın olduğunu gizlədə bilməz, çünki onlar yalnız quruluşca deyil, bütün varlığı ilə də bir qadındır. İndi qoyunuz Şümşad xanım özü buyursun, mən dediklərim bir həqiqətdirmi ya yox? Şümşad xanım: – Bu saydıqlarınız tamamilə Təbriz qadını sifətləridir, – dedi. – Əcəba, sizin dediyiniz sifətlərə malik olmayan bir qadın, özünə hansı bir səlahiyyətlə gözəl deyə bilər? – Bu sifətlərə malik olmayan qadınlar da gözəl ola bilər, çünki təbiətin insanlara bağışladığı gözəl sifət, o qədər bol və zəngindir ki... Bunların hamısını bir təbrizli qadının siməsında toplamaq mümkün deyil. Təbiət hər kəsin özünə, başqalarında görülməyəcək bir xüsusiyyət vermişdir. Şümşad xanımın hissəsinə gözəlliyin ən zəngin cəhətləri düşmüşdür ki, o da kişiləri məşğul və cəzb etmək üçün ən dəyərli bir xüsusiyyətdir. İş gözəllikdə deyil, gözəllikdən layiqincə istifadə etməkdədir. Şümşad xanım isə bunu bacarır. Dünyada çox gözəl qadın vardır ki, ən çirkin bir qadın kimi insanı özündən nifrətləndirir və uzaqlaşdırır. Gözəl qadınların çoxusu ancaq ağzını açıb danışana qədər sevilir, bir çox çirkin qadınlar da mövcuddur ki, insan onların nə qədər gözəl olduğunu, ancaq danışdıqları zaman təyin edə bilər. Sizin gözəlliyinizə gəldikdə onu bir qısa cümlə ilə sizə deməliyəm: sizə bənzəmək üçün gözəl bir qadının dərs oxuması və özünü sevdirmək dərsi keçməsi lazımdır. Bu sözlərdən Şümşad xanım və Rəfizadə həddindən ziyadə razı qaldı və sonra Rəfizadə mənə sual verərək: – Mənim bacılarım da Təbrizin məşhur gözəllərindəndirmi? – soruşdu: Mən heç də təxir etmədən cavab verdim. – Bunların sizin bacınız olduğu haqqında mübahisə etməyəcəyəm. Ancaq bunu deməliyəm ki, bunların da gözəlliyi Təbriz qadınındakı gözəllikdən çox fərqlidir. Həqiqətən bu qadınların heç birisi təbrizliyə bənzəmirdi. Bunlar qarabəniz, qurumuş uzun əlli, uzunsov çöhrəli qadınlardı. Təbii mən bunların qaraçı olduqlarını deyə bilməzdim, o zaman həm Rəfizadə, həm də miss Hanna məndən inciyə bilərdi. Səlimə xanım, Şuxşəng və Pərirux xanımlar Rəfizadənin bacısı deyildi. Onların Rəfizadə ilə olan söhbətləri də özgə olduqlarını göstərirdi. Bunlar hər kim olur-olsun, mən hər halda, miss Hannanın ətrafında mühüm bir hadisə hazırlandığını dərk edirdim. Lakin bu barədə məni miss Hannanın ağıllı olması fikri bir az arxayınlaşdırırdı. Zira miss Hanna avantüranı sürətlə hiss edən, hissiyyata qapılmayan, bərkə düşərsə özünü müdafiə etməyi bacaran bir qızdı. Durub süfrə başına keçdik. Süfrə başında bu dörd qadın insanı həyəcanlandıran, insandakı heyvani hisləri coşduran nə qədər naz, qəmzə varsa, hamısını məharətlə işlədirdi. Bu hal Rəfizadənin vecinə gəlmirdi. O, gözlərini miss Hannanın üzünə dikib dururdu. Mən onun bu evə təmiz niyyətlə gəlmədiyini yəqin etmişdim. Bu qadınlar isə zənnimə görə, miss Hannanın əxlaqını pozmaq vasitəsi idi. Şümşad xanım süfrə başında mənə müraciət edərək dedi: – Sizin xanımınızın gözəlliyi və ağlı məndə olsaydı mən özümü dünyanın ən gözəl xanımı sayardım. Bu sözlərdən miss Hannanın rəngi qızardı, mən də miss Hannanın öz sirlərini bunlara verdiyini yəqin etməklə tutuldum. Nəhayət, qadınlar, kişi cəmiyyətində danışılması cayiz olmayan sözlər də danışır və bununla da miss Hannanın üzünü açmaq və əxlaqını pozmağa çalışırdı. Stola yemək verən xidmətçi qadının baxışları da süfrə başında oturanlardan razı olmadığını bildirirdi. Saat bir idi, evə qayıtmaq lazım idi, mən onlarla görüşüb dışarı çıxarkən miss Hanna məni müşayiət etdi. Mən onun saçlarını oxşayaraq: – Gözəl dostum, bu ziyafətindən razı qalmadım, – dedim. – Bunlarla heç bir tərəfə getməyəcək və burada gecələmələrinə də imkan verməyəcəksən! Sənin vicdanın hər şeydən təmizdir, onu olduğu kimi də saxlamalısan. * * * İntibahnamələr İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi. Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq. İntibahnamələri oxumaq üçün toplanmış əhalini yarıb keçmək mümkün deyildi. Xalq dümsükləyərək biri-digərini kənara itələyib və irəli keçməyə tələsirdi. Bizi təəccübə gətirən bir para hallara da təsadüf etdik. Hacı Səmədxanın təşkil etdiyi polis idarəsi nəfərləri intibahnamələri ucadan oxuyur və xalq onlara qulaq asırdı. Biz kənarda dayanıb, bir tərəfdən polis nəfərlərinin oxuduqca intibahnamənin məzmunun təhrif edib etmədiklərini bilmək üçün onlara qulaq asır, o biri tərəfdənsə, intibahnamələr ətrafında gedən söhbətləri dinləyir, xalqda inqilabi ruhun sönmədiyini görüb sevinirdik. İntibahnamə «Təbrizlilər! Əks-inqilabın müvəqqəti üstünlüyünə baxmayaraq, inqilab hərəkatı yenə davam edir. Əks-inqilab canlandıqca onunla aparılan mübarizə də qüvvətlənir. Çar hökuməti və onun nümayəndəsi olan Hacı Səmədxan inqilab rəhbərlərini dara asmaq, boğub küçələrə atmaq və olmazın işgəncə ilə inqilabçıları məhv etməklə kifayətlənməmişdir. Onlar yeni macəraya və yeni fitnələrə hazırlaşmaqdadırlar. Siz də yeni mübarizələrə hazır olmalısınız! Təbrizlilər! Sizin silahlı qüvvələriniz hələ diridir. Lazım gəlirsə, onlar yenə də müsəlləh mübarizəyə başlayacaqdır. Hacı Səmədxan, çar hökumətinin göstərişi üzrə Məhəmmədəli şahı İrana gətirmək fikrindədir. İnqilabın zərbəsilə taxt-tacından məhrum olmuş sabiq şahın özü də İrana qayıtmaq umudundadır. Təbrizlilər! Siz bilirsiniz ki, çarın əli ilə İran taxtına gələn Məhəmmədəli nə kimi bir üsul ilə məmləkəti idarə edəcəkdir? Məhəmmədəli çar hökumətinin bir nümayəndəsi olaraq Hindistan racələrinə məxsus bir mövqe tutacaq və çar müstəmləkəsini idarə edəcəkdir. Bu macəraya Təbriz ülaməsından Mirzə Rza pişnamaz da qoşulmuşdur. Ona təbrizlilərdən imza toplamaq üçün Hacı Səmədxan beş top ağ göndərmişdir. Sizi də haman xəyanətdə iştirak etdirmək istəyirlər. Təbrizlilər! O ağın üstünə imza atmayın, o ağlar ölkənin kəfənidir, siz onu öz boynunuza yox, düşmənlərinizin boynuna keçirməyə çalışın. Təbrizlilər! Dar ağacına asılan inqilab rəhbərləri, sizdən mühüm bir şey tələb edir ki, o da inqilab mübarizəsinin davam etdirilməsidir. Hacı Şücaüddövlə də, onun İrana gətirmək istədiyi sabiq şahın özü də çar nökərləridir. İnqilab öz düşmənlərini məhv etmək üçün fürsət aramaqdadır. O fürsət yaxındır. İran kəndlisi, İran yoxsulunun qeydinə qalmayan və əcnəbi nökərliyində davam edən hər bir hökumət rəisi ilə mübarizə aparmalıdır. Çar istilasından qorxmayın, ruhdan düşməyin! Çar hökuməti öz içərisindən çürüyür. Onu öz inqilabçı işçisi, üsyançı kəndliləri dağıdacaqdır. Təbriz inqilabçıları! Mübarizə dərsini qəhrəman rus fəhlələrindən öyrənin! Hərəkatınızı Rusiya işçi hərəkatının yolu ilə aparın! Siz o hərəkatla qələbəyə doğru gedirsiniz, siz məğlub olmamışsınız. Siz həm daxili əks-inqilab, həm də çarın istilaçı qüvvələrilə qəhrəmanca mübarizə apardınız, hazırkı sükut yeni hərəkata başlamaq üçün hazırlıq sükutudur. İnqilab komitəsi». Yazıldığı kimi oxunan intibahnamə ətrafında toplananlar çoxalırdı. Belə məlum olurdu ki, Səmədxan tərəfindən düzələn polis, divara yapışdırılan intibahnamələrin gizlin bir təşkilat tərəfindən çıxarıldığını anlamır, onlardan bəziləri intibahnamələri oxuyur, bəziləri də soyuqqanlılıqla gəlib keçirdi. Onlar bu intibahnamənin, hər gün divarlara vurulan elanların, əmrnamələrin, qərarların birisi hesab edərək əhəmiyyət vermirdi. Xalqın söhbətləri də maraqlı idi. – İnqilabçını öldürmək olar, amma inqilabı öldürmək olmaz! – Mən bilirəm ki, inqilabçılar xalqı başlı-başına buraxmaz. – Mənim canım da rus fəhləsinin getdiyi yola qurbandır. – Onların da, bizim də düşmənimiz birdir. – Əmir Heşmətin iyidliyi kimlərin yadından çıxar? – Səttar xan bir də Təbrizə qayıtsaydı? Belə söhbətlər yarım saatdan artıq davam elədi. Camaat rus kazakları siyirməqılınc hücum edənə qədər intibahnamələrin ətrafından dağılıb getməmişdi. Kazaklar camaatdan bir nəfər də olsa həbs etmədi. Ancaq orada durub soyuqqanlılıqla baxan bir neçə Təbriz polisini həbs edərək apardı. Mən və yoldaşlarım, olduqca razı qalmışdıq. «Bütün təzyiqlərə baxmayaraq, yenə də inqilab tərəfdarları var imiş» deyirdik. Ruhum yüksək idi, indi artıq amerikalı qızın ətrafında başlanmış yeni romanla məşğul ola bilərdim, yolum dəxi amerikalı qızın qapısından keçəcək idi. Şümşad xanım yenə də miss Hannanın evində idi. O məni gördükdə ayağa qalxdı, əlimi qeyri-adi bir surətdə sıxdığı zaman göz bəbəkləri ilə bərabər bütün vücudunu da oynatdı. İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. Şümşad xanım nahar hazır olduğu sözünü eşitdikdə vidalaşıb getmək istəyirdi. O, qara ipək çarşafını götürüb başına örtmək istədi. Əlini miss Hannaya uzadaraq vidalaşırkən miss Hanna: – Süfrə başından getmək günahdır, – deyərək onu danlayırdı və onun çarşafını öz başına örtərək güzgünün qarşısına keçdi. O, türk qadını kimi üzünü bürümək istəsə də bacarmırdı. Şümşad xanım onu ayağından başına qədər süzdükdən sonra: – Qara çarşaf pənbə üzlü, sarı saçlı qızlara nə qədər yaraşır, – deyə güldü. Şümşad xanımın quru bir təklif ilə nahara oturması, məndə, onun buraya nahar yemək üçün deyil, mühüm bir macəra yaratmaq məqsədilə gəldiyi şübhəsini oyandırdı. «Şümşad xanım bura nə üçün gəlir?» – fikri mənim qəlbimdə böyüyür, məndə cürbəcür ehtimallar doğururdu. Nahar yeyildi. Altunlara, brilyantlara qərq olmuş Şümşad xanım bir qəhvə içərək qalxdı və gedərkən miss Hannaya müraciətlə: – Bu gün bizə qonaq gəlməyəcəksənmi? – dedi, – Səlimə, Şuxşəng və Pərirux xanımlar da bizdə olacaqdır. O, bir neçə saniyə durub miss Hannadan cavab gözlədi. Miss Hanna isə soruşucu gözlərlə mənim üzümə baxır və cavab gözləyirdi. Mən heç bir söz demədim. Nəhayət, miss Hanna Şümşad xanıma sarı çevrilərək: – Təbii bu gün gələ bilməyəcəyəm, – dedi. – Bir gün təyin edərik, ikimiz də gəlib sizin ailənizi ziyarət edərik. Şümşad xanım daha bir söz danışmadı. Əvvəlcə miss Hannanın, sonra da mənim əlimi sıxaraq ayrıldı. Əlimi sıxarkən onun gözlərimə kinlə baxdığını sezdim. O getdi, miss Hanna da onun dalınca: – Nə qədər gözəl və incə bir qadındır, – dedi. – Nəcibdir, tərbiyəlidir, munis və məşğuledici qadındır. Mən miss Hannaya sual verdim: – Sən onun evinə getmək istəyirsənmi? – Getmək olmaz? – Nə üçün olmaz? Madam ki, onun nəcib, namuslu, tərbiyəli olduğuna inanırsan, ona lazımınca etibar edirsən, qonaq getməyin nə zərəri vardır? – Sən icazə verirsənmi? Bu sualın cavabı haqqında çox düşündüm, nə cavab verə bilərdim? Mən nə kimi bəhanələrlə onun ora getməsinə mane ola bilərdim? Amerikalı qız, Rəfizadə və onun ətrafındakılarla tanış olduğu və onları birinci dəfə ziyafətə dəvət etdiyi zaman məndən məsləhət istəməmişdi. Bir tərəfdən də qızın Rəfizadə və Şümşad xanımla başladığı əlaqəsinin bu tezliklə qırılmasını istəmirdim, çünki mən şəxsən bu məsələyə diqqət verir və nəticəsilə də maraqlanırdım. Buna görə də məsuliyyəti boynumdan atmaq üçün dedim: – Zənnimcə, mənim icazəmə heç də lüzum yoxdur, çünki sən özün tərbiyəli bir qızsan, məsul bir işdə də çalışırsan. Özün bu tanışlığın səbəblərini, əhəmiyyətini, nə ilə nəticələnə biləcəyini ətraflı düşünməlisən. Miss Hanna gözlərini yerə dikib oturmuşdu. Dinləyirdi. Bir az sonra: – Mən sənin məsləhətin və razılığın olmadan heç bir iş görmək istəmirəm. Sənə xəbər vermədən bunlarla tanış olduğum üçün özümü müqəssir hesab edirəm, – dedi. – Onları mən dəvət etməmişdim. Rəfizadə özü mənə müraciət edərək ailəsini mənimlə tanış etmək istədi, axşam gələcəklərini xəbər verdi, mən rədd edə bilmədim. Məcbur olaraq təcili tədarük görməyə başladım və sənə də xəbər göndərdim. – Sən Rəfizadəni nə vaxtdan tanıyırsan? – Mən Təbrizə gələrkən onu Amerika konsulxanasında görmüşəm. – Rəfizadə haqqında sənin öz fikrin nədir? – Fikrim nə ola bilər?! O, şərqli bir ziyalıdır. Yalnız vəzifə işlərində o məndən asılıdır. Vəzifəsini gözəl ifa edir. Hər bir tapşırığı vaxtında yerinə yetirir. Bu onun zahiri simasıdır. Əlbəttə, bu tanışlıq dostluq şəkli aldıqdan sonra, onun həqiqi simasını da öyrənmək mümkün olacaqdır. – Onun səninlə əlaqəsi... Miss Hanna bu sualımdan qıpqırmızı kəsildi. Başını aşağı salıb durdu. Mən bu sualımın cavabını almağa tələsmirdim. Lakin o bunu söyləməkdə çətinlik çəkirdi. Bir az sonra o başını qaldırıb üzümə baxdı, onun utandığı aşkardı. – Rəfizadənin mənə qarşı əlaqəsi, əməkdaşlıq və tanışlıq çərçivəsindən çıxmışdır, – dedi. Bu sözdən mənim şübhələrim daha da artdı, onun əzab çəkməsi və utanmasına baxmayaraq, daha açıq bir sual verdim: – Səni sevirmi? – Sevir... – Sən bunu nədən bilirsən? – Bu onun bütün hərəkətindən məlumdur. Əlimi alanda çox gec buraxır, daima gözlərimə baxır. Sadə bir iş üçün tez-tez kabinəmə gəlir. O, bəzən məni danışmağa məcbur edərək dodaqlarıma baxır və daima məni gördükdə özünü itirmiş kimi olur, vücudu əsir. – Sənə heç bir söz söyləməzmi? – Nə üçün, söylər. Daima zarafat yolu ilə – kiçik xanım xeyir iş nə vaxt baş tutacaq? – deyərək gülər, iki kərə də belə bir sual vermişdir: qəlbiniz birinə bağlı olmasaydı, sizin uğrunuzda bütün varlığından keçməyə hazır olan bir nəfərə könül verə bilərdinizmi? – Sən onun cavabında nə söylədin? – Mən nə deyə bilərdim? – Yenə də? Sən onu cavabsızmı qoydun? – Yox!.. – Bəs nə üçün mənə demirsən? – Elə, demirəm... Qız bu sözü dedikdən sonra yanımdan durub qaçmaq istədikdə qolundan tutub saxladım: – Otur! Dedim. – Əcəba, sən Rəfizadəyə dediyin bir sözü mənə deməkdən utanırsan? – Utanmıram, lakin deməməyimə başqa bir səbəb vardır. Burada kişiləri bir az tənqid etmək lazım gəlir. – Mən ki, tənqiddən heç bir vaxt boyun qaçırmamışam. – Doğrudur. Qaçırmamışsan. – Bəs indi ki, doğrudur, sözünü nə üçün demək istəmirsən? – Yaxşı, deyərəm. – Nə vaxt? – Bir zaman! – Yox, indi deyəcəksən. Amma bir şərtlə! – Nə kimi şərtlə? – Şərt budur ki, haman sözün cavabını Rəfizadəyə nə cürə vermişsənsə eləcə də burada söyləyəsən. Miss Hanna əlacsız qalaraq dedi: – O mənə yanaşdı, səhər idi, işə yenicə başlayırdıq. Mən ona iki gün əvvəl hazırlamaq üçün bir iş vermişdim. İşi lazımınca düzəltmişdi, mən ona təşəkkür etmək üçün əlimi uzatdım, o mənim əlimi bərk-bərk tutdu, buraxmaq istəmirdi. Onun barmaqları titrəyirdi. Bu titrəyiş də mənə nə isə bir məsələni anlatmaq istəyirdi. O mənə bayaq dediyim sualı verən kimi əlimi əlindən çəkdim. Həm gülümsədim, həm də ondan çox acığım gəldi, onun üzünə acı bir gülüşlə baxaraq: – Ağıllı və ədəbli olunuz! – dedim. – Qəlbi, könlü heç kəsə vermək olmaz. Qəlbə girmək və ona yol tapmaq lazımdır! – Sonra? – Sonrası yoxdur. Daha bir söz danışmırdı, şübhəsizdir ki, qəlbə yol tapmaq çarəsini düşünürdü. Miss Hanna bunu söyləyərək utana-utana güldü. Daha heç bir söz danışmadı. Mən yenə də onun gözləri üstünə tökülən saçlarını barmaqlarımla yuxarı daradım və dedim: – Gözəl və səmimi qız! Yalnız Rəfizadə deyil, səni hər kəs sevə bilər. Özün bir düşün, səni sevməmək mümkündürmü? Mən səni təbrizli qadınlarla tanış olmaqdan məhrum etmirəm, sənə arkadaş və yoldaş lazımdır, çünki qadına məxsus bir çox söhbətlər vardır ki, o söhbətləri ancaq qadınlarla danışmaq mümkündür. Anlayıram, sənin dərdlərinə şərik olacaq heç bir kəsin yoxdur. Lakin yenə də məsləhət görürəm ki, Şümşad xanıma bir az da artıq diqqət et! Görək bu tanışlıq nə kimi bir nəticə verəcəkdir? Sən kişiləri tənqid edirsən, onlara qəlbə yol tapmağı da məsləhət görürsən, lakin sənin özün qəlbə yol tapmağı və ora daxil olmağı nəzərə almırsan. Mən yenə də təkrar edirəm ki, həyatda yanılan bir çox qızların bədbəxtliyinə səbəb özlərinin tələsmələri və qəlbə yol tapa bilməmələridir. Sən bilməlisən ki, ailə həyatına yol açıncaya qədər nə kimi dolaşıq yollardan keçmək lazımdır. Bu keçidlərdə dolaşıb qalmamaq və namusunun ətəyini çirkaba batırmamaq üçün qızların həddindən artıq diqqətli olması lazımdır. İnsan öz həmnövü haqqında bədbin olmamaqla bərabər, bunu da bilməlidir ki, nəzəri cəlb edən və içərisində cənnət rahəti duyulan saraylar və kaşanələrin bünövrəsində zəhərli ilanlar da tapıla bilər. Bir çox adamlar vardır ki, onlar insanları yaşıllıqları və əlvan çiçəklərilə əyləndirən, eyni zamanda qoynunda yırtıcılar bəsləyən meşələrə bənzər. Gözəl Hanna! Həyat hədsiz-hesabsız çala-çuxurlardan ibarətdir. Xüsusən gənc qızlar ayağını qoymaq istədiyi mövqeyi lazımınca öyrənməlidir. Təəssüf olsun ki, həyatın çala-çuxurlarına hamıdan əvvəl hissiyyata qapılan gənclər düşmüş olur. Həyatın küləkləri hamıdan əvvəl gənc yarpaqları zədələyir, çünki onlar həyat meydanına yeni atılır, onlar mühitin hadisələrinə qarşı mübarizə aparmaq üçün hələ özünü hazırlaya bilməmişdir. Gənclik gözünü yeni açmış və kiçik bir mühitdən geniş bir dünyaya atılmış körpə kimidir, hələlik o, insanların nəliyini təyin edə bilməmişdir. Körpələr odun yandırıcı olduğunu bilmədiyi kimi, gənclik də təbii və doğru sevgilərlə saxta və süni sevgiyə fərq qoya bilməkdən acizdir. Gənclər çox vaxt sevdikləri zaman gələcəklərini unudurlar. Mən zənn edirəm ki, sən bu dediyim gənclərdən deyilsən. Həyatı az-çox bilirsən. Xüsusən iki insanın arasındakı fərqləri təyin etməyi bacarırsan. Buna görə də özünə dost intixab etməkdə diqqətli olmalısan, çünki qızlıq hesabına buraxılan səhvi islah etmək çətindir. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. Bu dövr arzular, əməllərlə dolu olan bir dövrdür. Onu da bilməlidir ki, qızlığa məxsus olan bu dövrün hədsiz düşməni vardır. Hanna, sən bu dövrü elə keçirməyə çalış ki, bu dövrdən sənin gələcək həyatın üçün acı xatirələr qalmasın. Çünki bir insan nə qədər yaşayırsa-yaşasın, o yenə gəncliyi xatırlamağa məcburdur, buna görə də haman gəncliyini göz bəbəyin kimi müdafiə etməlisən. Sonra mən İrandan, İranda ehtiyatla dolanmaq lazım olduğundan danışdım. Sözlərim bir anda qızda dəyişiklik yaratmış kimi oldu. Onun qəlbinin qapıları mənim üzümə açıldı, o, əllərimi tutaraq böyük bir həyəcanla dedi: – Mən iranlıları sən dediyin kimi bilmirəm. Bəlkə, bunun başlıca səbəbi də sənsən, çünki iranlı dedikdə, gözümün qabağına sən gəlirsən. Hər bir iranlını sənin kimi mədəni, namuslu və alicənab hesab edirəm. İranlılar barəsində yalnız mən deyil, ümumiyyətlə, amerikalılar müsbət fikirdədir. Sən elə bilmə ki, bizim hökumətimiz çar istilasına soyuqqanlılıqla baxır. Mən bunu sənə inandığım üçün deyirəm. Amerika səfiri və Amerikanın Təbriz konsulu son hadisələri artıq diqqətlə təqib edir. Biz gündəlik hadisələri və çar konsulunun özbaşına hərəkətini hər gün Tehrana xəbər verməkdəyik. Amerikanın Təbriz konsulxanası bugünkü intibahnaməyə də böyük bir məna verməkdədir. Bu gün Tehrana vurulan teleqramda Təbriz inqilabının bitmədiyi və mübarizənin davam etdiyi göstərilir. Bugünkü intibahnamələr, sabiq şahın İrana gətirilməsi imkanını tamamilə azaldıb sıfır dərəcəsinə endirir. Mərkəzi İran hökumətinə təsir etmək üçün çar hökuməti əlində alət olan sabiq şah məsələsi puça çıxır. Bu intibahnamə göstərir ki, təbrizlilər Tehrandan ayrı deyildir, onlar da sabiq şahı qəbul etmək istəmirlər. Təəssüf ediləcək bir hal varsa, o da Təbrizdəki gizlin hərəkat komitəsilə olan rabitəsizlikdir. – Rabitə olduqda nə kimi işlər görə bilərdiniz? – Biz çar konsulunun bütün gizlin işlərini onlara verər və ifşa etdirərdik. – Bu iş nə kimi müsbət bir nəticə verə bilər? – Çar diplomatları İranın müstəqil yaşamağa qabil olmaması fikrini bütün dünyada intişar edir və əfkari-ümumiyyəni İran əleyhinə hazırlayır. İngiltərə Şərq ölkələrinə nə kimi şüarla girmişsə, çar istilaçıları da haman şüarla girir və vəhşilər içərisində mədəniyyət qurmaq iddiasında bulunurlar. Onlar daima mədəni insanlığı vəhşi asiyalılara qarşı müdafiə etmək şüarı ilə hərəkət edirlər. Siz özünüz iranlısınız. Bu barədə qeydə qalmalısınız. Hərgah gizlin hərəkat komitəsilə əlaqəyə girmək mümkün olsaydı, amerikalılar onlara maddi yardımda bulunardı. Mənim qıza bir saatdan bəri verdiyim nəsihət onun mənə daha artıq inanmasına və öz qəlbindəkiləri mənə söyləməsinə səbəb oldu. Lakin onunla açıq danışmaq və bir gizlin komitə nümayəndəsi kimi söhbətə girişmək mümkün deyildi. Qız bir diplomat kimi yox, bir inqilabçı kimi danışsa belə mən gizlin hərəkat nümayəndəsi olduğumu ona bildirməməli idim. Çünki mən indi onun bir alman tərəfdarı olduğundan da şübhələnirdim. – Hərgah Təbrizdə gizlin inqilab hərəkatını təşkil edən bir cəmiyyətin mövcud olduğuna inana bilsəydim, onların əcnəbi parası ilə işləmək istəmədiklərinə də inanardım, çünki əcnəbi parası ilə çalışan bir cəmiyyət əcnəbi mənafeyini müdafiə etməyə məcburdur. Sizin çar konsulxanası əsrarını onlara vermək istədiyinizə gəldikdə, burada gizlin komitə ilə rabitəyə girmədən də çalışa bilərsiniz. Çünki bu sirləri hər bir etimad etdiyiniz namuslu və sədaqətli bir iranlıya verə bilərsiniz. Bu sözlərdən sonra miss Hanna başını mənim çiynimə söykədi və kiçik əlini öpdürmək üçün dodaqlarıma uzatdığı zaman dedi: – Mən sənə inanıram. Hər bir sirri sənə verməyə hazıram. Səni də, sənin vətənini də sevirəm. Bu sözdən sonra dizim üzərində duran əlimin üstünə sanki iyul yağışının ilıq bir damcısı düşdü. Mən onu sakit edərək yenə də sual verdim: – Rəfizadədən əvvəl onun arvadı buraya gəlmişdimi? – Bir kərə gəlmişdir, – dedi. – Nə üçün gəlmişdi? – Gəlib tanış oldu, dedi ki, mən səninlə birlikdə çalışan Rəfizadənin arvadıyam. Təbrizdə bişirilən şirin çörəklər və şirniyyat da gətirmişdi. – Bunların hamısı öz yerində, ancaq mənə danışdığınız sözləri təfsilən bilmək lazımdır. – Orası mümkündür. Lakin yalnız iki qadın arasında danışıla bilən bəzi söhbətlər vardır ki, onu başqasının yanında danışmaq ədəbsizlikdir. – Mən sənin tərbiyəli olduğuna inanıram. Sən heç vaxt gündəlik həyatının tarixini məndən gizlətmə, o sənin mənfəətindir. Başla görüm, gözəl qız! Qız sözünü belə başladı: – Şümşad xanım gələndən bir saat sonra mən onu götürüb otaqları gəzdirdim və o mənim çarpayımın yanında vurulan sənin şəklinə baxaraq soruşdu: – Bu oğlan kimdir? – Mənim tanışım və inanılmış dostumdur, – dedim. – Tanış var, tanış var. Tanış var ki, səlaməleykum deyərlər, tanış var can qurban edərlər, mənə de görüm o bunların hansındandır? – Mən dedim ki, onun yolunda hər fədakarlığa hazıram. – Sən ona arvad olmağı istərsənmi? – Nə üçün istəmərəm? – Bəs nə üçün getmirsən? – Ərə getmək qonaq getmək deyil ki, qapını açıb içəri girəsən. Bu işdə, evə girməkdən əvvəl, qəlbə girmək lazımdır. Daha açığı iki ürəkdən bir ürək düzəltmək, xasiyyətləri birləşdirmək gərəkdir, – dedim. Şümşad xanım: – Bəs sən bu yekəlikdə, bu gözəllikdə bir qız ola-ola hələ qəlbə girməyi bacarmırsanmı? – soruşdu. – Bağlı qapını açıb içəri girmək... – Sən gözləyirsən ki, o desin ki, gəl gir mənim qəlbimə? Heç bu olan işdirmi? – Mən nə edə bilərəm? – deyə soruşdum. – Məgər sən nə etməyi bacarmırsanmı? – Xeyr! – dedim. O: – Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır! – dedi. – Mən onu bacarmıram! – Sən onun özünə təklif etdinmi? – Dilim ilə təklif etməmişəm. Lakin hərəkətimlə bildirmişəm, – dedim. – Bəs o nə deyir? – Qəti bir söz deməmiş. – O səni sevir, ya yox? – Bəlkə də, sevir, – dedim, – çox ədəblidir, mənə etdiyi hörmət sadə hörmət deyil. Mən o hörmətlərin bir sevgi nəticəsi olduğunu hiss edirəm. O: – Sən onda sevgi nişanələrini yoxlaya bilməmişsənmi? – soruşdu. – Yox, onu mən nə cür yoxlamalıyam? – O sənə yaxın gəldikdə, səni qucaqladıqda, sənin üzündən öpdükdə titrəyir və ürəyi bərk döyünürmü? – Elə işlər bizim aramızda yoxdur, o çox vüqarlı və namusludur. Onun əlləri, ancaq mənim saçlarıma toxunur. Bununla da mən hər şeyi unuduram. – Mən də sənin kimi idim, – dedi. – Mən də bir oğlanı sevirdim. Məni ata-anam ona vermədi, götürüb sevmədiyim bir adama vermək istədilər. Allaha min şükür olsun ki, o inqilabçı çıxdı, dəvəçilərlə Səttar xanın davasında vurub öldürdülər, yaxam qurtardı. Mən Rəfizadəni sevib getmişəm. O, əvvəl məni sevmirdi, axırda sevməyə məcbur oldu. Mən ondan: – Nə vasitə ilə məcbur elədin? – deyə soruşdum. – Dua vasitəsilə! Çər qızı Gülsümün vasitəsilə. Dua yazırdım, nə ki lazımdır tapşırdı, necə ki, demişdi yerinə yetirdim. İndi onun özü düşüb dalımca gəzir, məni gözdən qoymur. Mən ona dedim: – Nə eybi vardır, bir dua da mənim üçün yazsın, bunun üçün nə lazımdır? Şümşad xanım cavab verdi: – Əvvələ 15 tümən pul lazımdır. Sonra oğlanın tüklərindən bir neçəsini qopardıb aparmaq, oğlanın dəsmalını götürüb dua oxutdurub yenə də onun cibinə qoymaq lazımdır. Kişilər beladır. Nə qədər ki, onu sevirsən, nə qədər ki, onun üçün yaşamaq istəyirsən, qəlbini onun ayaqları altına atırsan, and içir və and verirsən, gecələr onun düşüncəsilə yatır və bunu onun özünə də deyirsən, daha o səni sevməz olur, sənin dalınca düşmür, dərdini çəkmir. Kişiləri qısqandırmaq, onların qabağına başqa bir müştəri qoymaq lazımdır. Elə olsun ki, o sənin başqa birisilə tanış olduğunu və başqasının sənə müştəri çıxdığını bilsin. O zaman kölgən kimi dalınca gəzəcək və gəlib-getməkdən qapının kandarını dağıdacaq. Hər vaxt küçəyə çıxsan, onu qapıda görəcəksən, sən ona qarşı soyuqluq göstərdikcə onun hissinin gücü və hərarəti şiddət edəcək, o səni daha artıq sevəcəkdir. Mən Şümşad xanımın bu fəlsəfəsinə etiraz edib dedim: – Bunların heç biri mənim əlimdən gəlməz. Onunla mənim aramdakı dostanə əlaqə sən dediyin işlərdən çox uzaqdır. * * * Nizamüddövlə bağında Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi. Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi. «Möhtərəm və əziz dostum! Bu gün öz xanımınızla general-konsulun şərəfinə təşkil etdiyimiz ziyafətə təşrif gətirməyiniz rica olunur. Bu gün saat ikidə təşrifinizin müntəziriyəm. Xeyirxahınız Səməd». Mahmud xan qəlyan çəkirdi. Ondan Hacı Səmədxanın səhhətini soruşdum. – Həzrət Əşrəfin səhhəti yerindədirmi? – Allaha çox şükür, həzrət Əşrəf özünü yaxşı hiss edir. Cənab ağaya bunu da ərz etməliyəm ki, həzrət Əşrəfin ağaya Təbrizdə heç kəsə olmayan bir məhəbbəti var. O, həmişə buyurur ki, Əbülhəsən xan kimi adamlar, bizim fəxrimizdir. Mən buna cavab olaraq: – Həzrət Əşrəfin vücudu isə yalnız mənim deyil, bütün Azərbaycan xalqının başının tacıdır! – dedim. O, qəlyanı buraxıb qalxdı, vidalaşırkən mənə sual verdi: – Faytonu buramı göndərməliyik? – Zəhmətə lüzum yoxdur. Öz faytonumuz vardır. – Orası müəyyən. Lakin həzrət Əşrəfin fatonunda ziyafətə getmək böyük bir şərəfdir. Həzrət Əşrəf bu imtiyazı ancaq bir neçə qonağa vermişdir. Faytonun öz yaşadığım evə göndərilməsini sözləşdik. Mahmud xan getdikdən sonra mən bu ziyafət haqqında uzun-uzadı düşündüm: bu ziyafətdə Təbrizdə olan bütün diplomatik korpus iştirak edəcəkdi. Burada ancaq saxta təriflər eşidəcək və çirkin təzimlər, təmməllüq və riyakarlıqlar görəcəyik. Burada, bəlkə də, biz işimiz üçün yararlı heç bir şey öyrənə bilməyəcəyik. Bunların hamısı ilə bərabər bu ziyafətə getməmək olmazdı. Məncə, Səmədxanla görüşmək və onun buraxılan intibahnamələrdən nə kimi təsir aldığını öyrənmək lazım idi. Ninanı da xəbərdar etməli idim, hərgah bu ziyafətə getmək istəyirsə hazırlanmasını tapşırmalı idim. Mən onun xəstələndiyini hələ otağa girməmiş bildim. Təhminə xanım balkonda mənə təsadüf etdiyi zaman «Qız xəstədir, işə getməmişdir» – dedi. Mən icazə alaraq onun yataq otağına girdim. O məni görürkən «otur» dedi. Doğrudan da, onun hərarəti vardı. Özünü yaxşı hiss etmirdi. Buna baxmayaraq, Məcid ona dinclik vermirdi. O, yenə də qamış atını minib Maralan səngərlərinə hücum edir və Ninanı «İrəli! İrəli!» deməyə məcbur edirdi. Mən kürsünü qoyub onun çarpayısının yanında oturdum, saçlarını qaldırıb əlimi alnına qoydum; başındakı hərarət əllərimi istiləndirdi. Mən onun bu xəstəliyinin səbəbini bilirdim, o daima əsəbiləşdiyi zaman xəstələnirdi. Onu Səmədxanın əmisi oğlu Mahmud xan rahat buraxmırdı, o, Hacı Səmədxan və çar konsulunun mənə nisbət yaxın əlaqəsini nəzərə almayaraq, yenə də üzərində mənim himayəm olan bir qızdan əl çəkmir və onu ələ gətirməyə çalışırdı. Nina balışının altından bir neçə kağız götürüb mənə verdi. Kağızların birisi Peterburqdan, xariciyyə nəzarətindən Təbriz konsuluna gələn gizli bir teleqramın surəti idi. «Xariciyyə nəzarətindən Təbriz general-konsuluna № 867, 14 may Rica edirəm şifrəni özünüz açasınız. Əbdürrəzzaqbəy gəldi. O, bizdən maaş alır. Onun Təbrizə gəlməkdə məqsədi Şücaüddövlə ilə yaxınlaşmaqdır. Bununla da o, İran təbəəliyinə daxil olmaq və idarəedici bir xidmətə girmək istəyir. Ayıq olmaq lazımdır. Oradan türklərə qarşı heç bir çıxışda bulunmayın. Əbdürrəzzaqbəyin konsulxana ilə heç bir açıq əlaqəsi olmamalıdır. Təfsilat poçta ilə. Klemm». Nina mənə bir sual verdi: – Belə teleqramların bizim üçün bir əhəmiyyəti vardırmı? – Əlbəttə, vardır. – Nə kimi? – Dövlətlər dünya müharibəsinə hazırlaşır, çar hökuməti Türkiyə hüdudunda hazırlıq aparır. Heç şübhə yoxdur ki, İran xalqını da çəkib bu qanlı macəraya salmağa çalışacaqdırlar. Çar hökuməti bütün macəraçıları səfərbərliyə alır. Əbdürrəzzaqbəy də onlardan birisidir. – Əbdürrəzzaqbəy kimdir? – Əbdürrəzzaqbəy 30 ildən bəri Türkiyəyə qarşı bir çox qanlı oyunlar oynayan və əcnəbi təhriki ilə öz vətəninə xəyanət edən bir canidir. O vaxtı ilə İstanbul şəhər komandanı Rizvan paşanı öldürmüş və İstanbuldan qaçmışdır. Onu bütün Türkiyə tanıyır, Bətlis vilayəti kürdlərindən Bədrxanpaşazadə familiyası ilə məşhur bir xaindir. Prins Səbahəddinin təşkil etdiyi «Ədəmi-Mərkəziyyət» partiyasına daxil olmuş və əcnəbi parası ilə yaşamışdır. İndisə çar Rusiyasının qucağına atılaraq ölkəsinə son bir xəyanəti etməyə başlamışdır. Belalərini ifşa etmək hər halda faydadan xali deyildir. Çar hökumətinin cahangirlik siyasətinə əngəl törətmək və onun dünya müharibəsinə hazırlaşdığını kütlələrə bildirmək təxir qəbul etməz bir vəzifədir. İkinci kağızı açdım. Bu kağız Urmi konsulundan xariciyyə nəzarətinə vurulmuş bir teleqramın surəti idi. «Urmi viti-konsulundan xariciyyə nəzarətinə teleqram № 175, aprel 11. Surəti Tehrana. Şeyx Bərzani dünən gündüz mənimlə görüşdü. O rica edir ki: Rusiya hökuməti onu öz himayəsinə alsın, bununla da, o hər yerdə və hər işdə Rusiya hökumətinin göstərişlərinə tabe olacaqdır. Onun ailəsinin Urmi rayonunda yerləşdirilməsinə imkan verilsin. O, Rusiyanın Ravanduz rayonunda olan bütün arzularının həyata keçirilməsini öhdəsinə götürür. O öz ailəsini Urmi rayonunda yerləşdirdikdən sonra Ravanduz rayonuna qayıdaraq Türkiyə hökumətinə qarşı mübarizə aparacaqdır. Mən xariciyyə nəzarətinin əmrinə görə, onu gizlincə himayə edirəm. Ona heç bir vəsiqə verməmişəm. O, vəsiqə almaq barəsində bir çox təkidlərdə bulundusa da mən qəbul etmədim. V. Vgenski». Başqa bir teleqram da var idi ki, Nina bu teleqramı yubandırmış və vaxtında gətirməmişdi. «Xariciyyə nəzarətinin Şərq şöbəsi müdiri Klemmdən Qafqaz canişini Vorontsov-Daşkova 177 nömrəli iş ilə 262 nömrəli məktub. Təbriz konsuluna. Əbdürrəzzaqbəyin Tiflisə gəlmək xəbəri verilir. Əbdürrəzzaqbəyə ayda üç yüz manat maaş təxsis edilmişdir. O, gərək Təbrizdə yerləşsin. Onun məqsədi erməni-kürd birliyi yaratmaqdır. Onu mümkün olduqca İran təbəəliyinə keçirmək lazımdır. Onun İrana keçməsi üçün hər cür təşəbbüsdə bulunmalısınız. Klemm». Teleqramları oxuyub bitirdikdən sonra Hacı Səmədxanın yazdığı dəvətnaməni göstərdim, bu ziyafətə getməyin lazım olduğunu söylədim. O, bir kərə: – Getməyəcəyəm! – dedi. – Nə üçün? Xəstə olduğuna baxmayaraq, yenə də getmək lazımdır. Biz onlardan bacardıqca istifadə etməliyik. Sən gördün ki, ölüm qorxusu qarşısında duran yüzlərcə mücahidi onların vasitəsilə Təbrizdən qaçıra bildik. Nina yenə də: – Getməyəcəyəm! – dedi. – Mən Mahmud xanın üzünü görmək istəmirəm. Onun fikri başqadır, hər dəfə məni gördükdə təklifdə bulunur və sənin həyatını təhdid edir. Getmirəm, qoy o məni görməsin. Mən ona nə qədər nəsihət etdim və Mahmud xanın bir iş görə bilməyəcəyini söylədimsə də, yenə o bircə sözlə: – Getməyəcəyəm! – dedi. * * * Saat ikinin yarısında, fayton qapıda dayandı, Mahmud xanın özü də bizi müşayiət üçün başqa bir faytonda oturub gəlmişdi. O, Ninanın xəstə olduğunu eşitdiyi zaman rəngi dəyişdi və gözlərindən məhrumiyyət əlamətləri sezilməyə başladı. O: – Xanımın xəstəliyi çox təəssüf ediləcək bir haldır, – dedi. Mən heç də cavab vermədim. Faytonda gedərkən, Mahmud xanla nə cür hesablaşa biləcəyimi düşünürdüm, çünki bizim ikimizdən birimiz Təbrizdə qalmalı idik. Hər halda bu düşüncə məni əzirdi, nə qədər düşünürdümsə müəyyən bir qərara gələ bilmirdim. Saat üçə beş dəqiqə işləmiş fayton Nizamüddövlə bağına daxil oldu. Mən faytondan düşərkən, konsulxana faytonları da gəldi. Faytonun birində konsul və arvadı, o birində isə qızları Olqa və Nadejda oturmuşdu. Bağa birlikdə daxil olduq. Qabaqca konsul, arvadı və mən, dalımızca Olqa və Nadejda gəlirdi. Mən birinci sözümdə Ninanın xəstələndiyi və ziyafətə gələ bilmədiyini xəbər verdim. Hacı Səmədxan hazır olan qonaqlarla bərabər balkonda durub çar konsulu və ailəsinin yolunu gözləyirdi. Çar qubernatoru, çar konsulunu şad və gülər bir üzlə qəbul etdi. Lakin onun halı özündə deyildi: bığları həddindən artıq aşağı düşmüşdü. Oradakılar tanış olduğumuz adamlar, Xoy konsulu Çerkov, Maku konsulu Olferov, Urmi hakimi Etimadüddövlə və iki nəfər də bu vaxta kimi görmədiyim şəxs idi. Mən tanımadığım qonaqlara təqdim olunduğum zaman Hacı Səmədxan: – Bunlar da mənim səmimi dostlarımdır, – dedi. Diplomatik korpus nümayəndələri hələ gəlməmişdi. Biz balaca dəstələrə ayrılaraq gəzdiyimiz zaman İngiltərə, Almaniya, Amerika və Fransa konsulları da gəldi. Mən Səmədxanın sağ tərəfində durmuşdum. Çünki onun çar konsulu ilə bütün söhbətlərini ruscaya mən tərcümə edirdim. Buna görə Səmədxan məni diplomatik korpus nümayəndələrinə təqdim edərkən: – Şəhərimizin möhtərəm tacirlərindən Əbülhəsən xandır, – deyirdi. O məni miss Hannaya da bu sözlərlə təqdim etdikdə, qız doğrudan mənimlə indicə tanış olurmuş kimi, – Hanna – deyə, əlimi sıxdı. Miss Hanna, konsulun qızları, İngiltərə konsulunun arvadı və Amerika konsulxanasının baş katibi Friksonun arvadı Sara və başqalarına qoşulub bağa endi. Sərdar Rəşid də öz arvadı İraida xanımla gəldi. İraida əvvəlcə Ninanı soruşdu və xəstələndiyini eşitdikdə, qəmgin olduğunu süni bir surətdə söylədi. Çar konsulu yumşaq bir divanın üzərində oturub mənim tanımadığım iki nəfərlə danışırdı. Mən diqqət etdikdə onların Əbdürrəzzaqbəy və Şeyx Bərzan olduğunu təxmin etdim, çünki Urmi və Xoy konsulları da onlarla tez-tez danışır və qulaqlaşırdı. Mən və Hacı Səmədxan kiçik, girdə bir stolun başında oturmuşduq: konsullar isə gəzir, çay içir və bufetin ətrafında dolaşır, konyak içirdilər. Hacı Səmədxana qəlyan gətirdilər. Qəlyana dərin bir nəfəs vurdu, tüstüsünü burnundan çıxardı. Başını mənə yaxınlaşdıraraq: – Ağa, bu gördüklərimiz hamısı bizə əğyandır, – dedi, – yalnız cənabınız, bir də bəndə, bu bədbəxt məmləkətin evladıyıq. Bizdən başqa da bu məmləkətin qeydinə qalan yoxdur. Ağa, zamani ki, öz məmləkətimiz saxlaya bilmirik, zamanı ki, bizim qüvvətimiz yoxdur, zamani ki, Rusiya dövləti bəhiyəsi bizə qonşuluq əlini uzadır və dostluq vəzifəsiri yerinə yetirir, bizim məmləkətimizdə sakitlik düzəldir, biz nə üçün bundan razı qalmayaq? İmperator hökumətinə nə üçün təşəkkür etməyək? Lakin bizim cahil xalqımız bunu anlamır. Onların cahil hərəkətləri imperator hökumətinin bizdən rəncidə olmasına səbəb olur. Ağa, sizin başınıza and içirəm ki, bizim bu camaat öz xeyir-şərini anlamır. Mən ömrümün axır vaxtlarında öz vətənimə bir yaxşılıq etmək istəyirəm, amma bu haramzadalar qoymur. Ağa, siz heç bilirsiniz ki, o divara yapışdırılan şəbnamələr bizə nə qədər zərər vurur? Siz bilirsiniz ki, şəbnamələr mənim başımı nə qədər aşağı elədi? Cənab ağa! Siz bu avam xalqı başa sala bilməzsiniz? Mən gecə-gündüz düşünürəm, bu Kufə camaatına təzə həyat düzəltmək istəyirəm, xoşbaxtlıq verməyə çalışıram, nəticədə bu haramzadalar bizim sağ əlimiz olan Mirzə Rza pişnamaza təhdid kağızı yazıb Təbrizdən qaçaq saldılar. Buna nə məna vermək olar? Bunlar nə istəyirlər? Kişi əhli-əyalını da götürüb Kirmənşah şəhərinə qaçıbdır. Cənab ağa, bu xəyanətlərin üstü açılsın gərək, bu da tək mənim işim deyil, namuslu vətən əhlinin işidir. Sizin yeznəniz sərdar Rəşid də gərək mənə kömək versin, o da bu işlərə gözünün yanı ilə baxır. Pul lazımdırsa, verək, adamlar təyin etmək lazımdırsa, təyin edək, hər nə cür olsa da bu xəyanətin üstünü açaq, görək ki, bizim məmləkətin düşməni kimdir? Mən ona ürək verərək: – Siz heç də rahətsiz olmayın, – dedim, – Bəndə bu barədə həzrət Əşrəflə xüsusi söhbət etmək istəyirdim. Öz xidmətimi təklif edəcəkdim, indi ki, həzrət Əşrəfin özü bu barədə sözbət açdı, bəndə deməliyəm ki, bu barədə uzun danışmalıyıq. Gərək bu xəyanətin üstünü açaq. Təəssüf olsun ki, bu ziyafətdə uzun danışmaq mümkün deyildir. Səmədxan qəlyanın qəmişini ağzından çıxarıb dedi: – A bərəkallah! Milli namusunuza qurban, sabah gecə təşrif gətirin, heç kəsi də qəbul etməyəcəyəm, müfəssəl söhbət edərik. Hacı Səmədxan qəlyana dərin bir nəfəs daha vurdu və sonra məndə «türklük namusunun» oyanmasına çalışdı. Bu söhbətlərində Azərbaycanın gələcəyi haqqındakı düşüncəsini və xalqı bu düşüncə ətrafında toplamaq üçün qurduğu hiylələrini tamamilə meydana qoydu. – Ağa, siz bildiniz ki, bu Rəşt, Mazandaran və Bəxtiyar quldurları nə üçün Məhəmmədəlinin taxtından düşməsinə çalışdılar? – Xeyr! – deyə cavab verdim, – o barədə heç bir şey düşünməmişəm. – Ağa, biz hər şeyi bilirik, lakin camaatımız mənim Məhəmmədəli şahı İrana gətirmək istədiyimin mənasını bilmir, özüm də açığını deyə bilmirəm. Demək olmaz, necə də deyəsən? Əsl məsələ burasındadır ki, fars xalqı gözünü açmağa və öz qiymətini anlamağa başlamış: onlar artıq türk hökmdarlarının əlindən qurtarmaq və farslardan bir nəfəri padşah qoymaq istəyir. Bəxtiyarlarla gilanlılar bunun üçün də ittifaq edib. Məhəmmədəli şahı padşahlıq taxtından düşürdü. Bizim cahil təbrizlilər də buna kömək elədi. Mən sizə bunu həqiqətən ərz edirəm. Bu saatda İranda fars-türk davasıdır. Məşrutə-filan yalandır. Bunu təbrizli anlamır. Mən ölsəm də siz bunu görəcəksiniz, Məhəmmədəli şahın oğlunu da taxta və taca sahib olmağa qoymayacaqlar. Siz bu işin boşunu tutsanız bir gün görəcəksiniz ki, İran taxtına bir nəfər fars oturmuşdur. Bunun üçün də nə qədər ki, ingilis və rus hökuməti kömək verir, nə qədər fürsət vardır, gərək Məhəmmədəli şahı İrana gətirək. Hərgah Məhəmmədəli yaramır, zalımdır, iş bacarmır, başqa bir türkü tapıb səltənətə qoya bilmərikmi? Təbrizlilərdə hərgah türklük namusu varsa buyurub mənə açıqca desinlər. Onlar görür ki, Tehranda dörd-beş nəfər lotu sədr əzəmliyi öz aralarında növbətə qoyub cavan şahı əllərində alət qayırmaqdadırlar. Biz azərbaycanlılar nə vaxta qədər Azərbaycan kəndlisinin dərisini soyub Tehranda oturan beş-on nəfər fars tiryək çəkənlərinə yedirəcəyik! Hərgah belə olacaqsa, hərgah təbrizlilər buna razı deyilsə buyurub ittifaq eləsinlər, mənə desinlər, mən sabahın özündə Azərbaycanı İrandan ayırım. Hacı Səmədxan bir neçə dəqiqəlik söhbətində öz həqiqi məqsədini mənə anlatmış oldu. Onun dediyinə görə, İranda fars-türk ixtilafı yaratmaq və xalqları bir-birinə saldırmaq olsa da, Məhəmmədəlini İrana gətirmək lazım imiş. Bağda gəzməkdə olan qonaqlar qayıtdı. Bizim söhbətimiz kəsildi. Hacı Səmədxan Azərbaycanı mərkəzdən ayırıb, özü başda olmaq üzrə müstəqil bir dövlət yaratmaq istədiyi fikrini mənə tamamilə və aydın söyləyə bilmədi. Miss Hanna bağdan qayıdaraq mənim yanımdan keçərkən: – Həzrət Əşrəfin bağı olduqca səfalıdır, – dedi, – nə üçün gəzmədiniz? Mən ayağa qalxıb ikinci kərə onun əlini sıxdım, onu həzrət Əşrəflə ikinci kərə tanış elədim və: – Bu xanımla biz yol arkadaşlığında bulunduq, – dedim, – çox alim və oxumuş bir qızdır. Həzrət Əşrəf onun əlini sıxdı, onu öz yanında əyləşdirdi, mən də onunla tanış olmağımızın tarixini qısa bir surətdə həzrət Əşrəfə söylədim. Hacı Səmədxan bu söhbətimdən də məmnun qalaraq dedi: – Mən çox şad oluram ki, bizim sizin kimi mədəni vətəndaşlarımız vardır və hər yerdə başımızı uca edirsiniz. Miss Hanna icazə alıb qalxdı, yenə də öz dəstəsinə qoşuldu. Bundan sonra konsul biz oturan stola yanaşıb əyləşdi, əyləşən kimi də Hacı Səmədxan intibahnamə məsələsinə keçərək: – Cənab ağa ilə şəbnamə məsələlərini danışdıq, – dedi, – görünür ki, bu məsələ cənab ağaya da təsir bağışlamışdır. Bu barədə özü də bizimlə danışmaq istəyirmiş. Konsul buna cavab olaraq dedi: – Mən sizin namuslu bir iranlı olduğunuza əminəm. Nina xanım bu barədə məni əmin etmişdir. Siz gərək həzrət Əşrəf kimi namuslu vücudları müdafiə edəsiniz, bunlar sizin vətəniniz üçün lazımdır. Sizin bu barədəki fəaliyyətiniz imperator hökuməti tərəfindən qeyd və təqdir ediləcək bir xidmətdir. Mən: – Bütün buyurduqlarınız bizim müqəddəs vəzifəmizdir, – dedim, – ümid edirəm ki, bu xəyanətlərin üstünü açacayıq, bəzi cahillərin xəyanətinə nəhayət verə biləcəyik. Süfrəyə əyləşmək vaxtı idi. Süfrə Avropa üsulunda düzəlmişdi: qonaqların hər birisi üçün yer təyin edilmiş, hər kəsin adı yazılıb qarşısında qoyulan piyalənin içinə qoyulmuşdu. Hacı Səmədxan birinci piyaləni, ümumiyyətlə, qonaqların şərəfinə qaldırdı. Süfrənin bəyliyi (tamadalıq) əksəriyyət səslə çar konsuluna tapşırıldı. Hacı Səmədxanın mühüm vəzifə başında durduğu, İngiltərə–Rusiyanın «İranın istiqlaliyyətini» müdafiə etdiyini uzun və aldadıcı cümlələrlə söylədi. Diplomat dilləri işə düşdü. Konsulların hər birisi tülkücəsinə danışdı. Qadınların, qonaqların, xüsusən mənim şərəfimə də ziyalı və namuslu bir iranlı olduğum münasibəti ilə piyalələr qaldırıldı. Konsul Hacı Səmədxana müraciətlə: – Həşəmətli cənab, vaxt deyilmi? – deyə soruşduqda, o: – Bəli, cənab general, vaxtdır! – deyə cavab verdi və arxa tərəfdə duran xidmətçiyə yavaşdan bir söz dedi. Xidmətçi getdi, üç-dörd dəqiqədən sonra, bir musiqi ansamblı içəri girdi. Bu anmablı iki tarçı, iki kamançaçalan, iki violençel, bir santurun, iki neyçalan, bir dəf, bir dünbək və bir də royalçalan olmaq üzrə on iki nəfər gözəl və gənc qız təşkil edirdi. Onlar salonun başında düzəlmiş səhnədə yerləşdikdən sonra, Avropa qiyafəsində olan gənc bir qız qalxaraq farsca elan etdi: – Ansambl çalacaq dəramədi-şur. Şur dəsgahını Fərəhəngiz xanım oxuyacaq. Şur dəsgahı yarım saatdan artıq davam etdi. Şurun təsnifini isə Qəmərliqa xanımla Fərəhəngiz xanım oxudu. Oxunan şirvanlı Xaqaninin şeiri idi. Fərəhəngiz xanım oxuduğu zaman, Mahmud xan da miss Hannanın yanında oturub onunla danışırdı. Nəhayət, miss Hanna oradan qalxıb mənim yanımdakı boş kürsüdə əyləşdi. O, bütün varlığı ilə Şur musiqisinin bədii zövqləri içərisinə dalmışdı. Miss Hanna Şərq hekayələrində oxuduğu əski Bağdadı mənə xatırladaraq: – Şərqə aid romanların fantaziyadan ibarət olduğunu düşünməkdə səhv edirmişəm. Mən hazırda özümü romanlarda oxuduğum Bağdad xanəndələrinin qarşısında görürəm, – dedikdə mən: – İran musiqisi ümumi Şərq musiqisi sənətilə müqayisəedilməz bir sənətdir, – dedim, – çünki iranlılar öz qonşularından aldığı bütün adətləri iranlılaşdırdığı kimi, musiqini də iranlılaşdırmışdır. Onlar ərəblərdən aldığı əruzdan rübai vəznini yaratdı. Musiqi də belədir! Qəbilələrin və səhraların yaratdığı ərəb musiqisi, sonralar Bağdad saraylarının zövqünü oxşamağa başlamışdır. İran ərəblər tərəfindən istila edildikdən sonra həmin musiqi İrana keçərək İran aristokratiyasının zövqü ilə uyğunlaşmaq üçün ciddi islahata və əsaslı təbəddülata məruz qalmış, müstəqil İran musiqisi olmuşdur... Buna görə də İranda Şərq musiqi alətləri işə keçməməyə başlamışdır. İranlılar ərəblərin Avropa musiqi alətlərinə bənzəyən girişli musiqi alətlərinin yerinə, simli musiqi aləti: tar və kamança işlətməyi dəb salmışlar. Çalğı bitdi. Sonra qadınlar və kişilər başqa bir otağa keçdi. Otaqda içkilər, meyvələr qoyulan stollardan əlavə, qumar üçün də xüsusi stollar qoyulmuşdu. Qumar başlandıqda, Hacı Səmədxan Mahmud xana müraciətlə: – İqbalüssultana xəbər göndərilmişmi? – dedi. – Göndərilmişdir. İndicə gələcəkdir. Fayton çoxdan gedibdir. Qumar məclisi qızışdı, az keçmədən İqbalüssultan Əbülhəsənxan gəldi. Öz tarçısı Ələkbərxan Şahnazı ilə onlar üçün qoyulmuş stulda oturdular. Hacı Səmədxan oxuyan və çalanı məclisdəkilərə təqdim etdisə də, heç kəs onların əlini sıxmadı, yalnız mən və amerikalı qız qalxıb onlara yanaşdıq və əllərini sıxdıq. Miss Hanna Əbülhəsənxana müraciətlə: – Mən sizi eşitmişəm, burada tanış olduğum üçün həddindən artıq şadam, – dedi. Əbülhəsənxan oxudu, lakin hamının başı qumara məşğul olduğundan məndən və amerikalı qızdan başqa ona heç kəs qulaq asmırdı. Hacı Səmədxan qəsdən çar konsuluna xeyli pul uduzdu. Mən bir neçə dəqiqə xana qulaq asdıqdan sonra balkona çıxdım. İraida ilə Mahmud xanın yavaşdan danışdığını eşitdim. Danışığını tamam olmasa belə İraidanın: – Nina özbaşına deyil, onun sərdar Rəşid kimi yeznəsi var! – dediyini eşitdim. Məsələ aydın idi. Mahmud xan Ninanı sevir və onu ələ gətirmək istəyirdi. İraidaya gəldikdə, o, əvvəldən də Ninanın mənə bağlanmasından razı deyildi. O, Ninanın böyük bir mənsəb sahibi olan iranlıya ərə getməsini lazım bilirdi. Mahmud xan da kiçik adam deyildi. O, Təbrizdə ikinci Səmədxan idi. Mən bu sözləri eşidib içəri qayıtdım, onlar da mənim dalımca içəri girdilər. Mən məsələnin nə yerdə olduğunu hiss etməmiş deyildim, çünki İraidanın Mahmud xanı konsul ailəsilə tanış etdiyini, hətta onun səmimi bir zat olduğunu söylədiyini də eşitmişdim. Nə isə əhəmiyyət vermədim, çünki mən Ninadan arxayın idim. Buna baxmayaraq, Mahmud xanın qorxulu bir düşmən olduğunu da yadımdan çıxarmırdım. Qumar məclisi axıra çatırdı. Artıq Əbülhəsənxan oxumurdu, onun qarşısında bir stəkan çay var idi, o, çayı qarışdırıb düşünürdü. Məncə, o böyük sətənkar özünə əhəmiyyət verilmədiyindən incimişdi, o, bunda haqlı idi. Əliqərə adlı birisi Hacı Səmədxan göndərdiyi 25 tümənlik paranı bir kisədə gətirib Əbülhəsənxan və Ələkbərxan Şahnazının qabağına qoyduğu zaman, xidmətçi də gəlib çay stəkanını götürmək üzrə idi. Əbülhəsənxan qarşısına qoyulan 25 tüməni çay verən xidmətçiyə bağışladı və vidalaşıb getdi. Mən də, amerikalı qız da bu şərəfli sətənkardan razı qaldıq. * * * Şümşad xanım Bir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı. Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi. Buna görə də Mahmud xanla başlayacağım mübarizədə yalnız özümə və öz qüvvətimə güvənə biləcəkdim. Amerikalı qızın ətrafında gedən oyun da məni az düşündürmürdü. Rəfizadə burada məni öyrənməkmi istəyirdi, yoxsa qız ilə mənim əlaqəmi təyin etmək fikri vardı? Cavabını tapa bilmədiyim bu suallar məni yorurdu. Hər halda bunların qızı öz yolundan sapdırmaq istədiyi və əxlaqını pozmağa çalışdığı, onu satmaq niyyətində olduqları fikri həqiqətə daha yaxındı. Nə olursa-olsun, bu həqiqəti axırına qədər öyrənmək qərarına gəlmişdim. O vaxtdan sonra miss Hannanın evinə gedərkən Şümşad xanımı orada görmədiyim gün yadıma gəlmir. Hələlik bu haqda yoldaşlarla danışmamışdım, çünki məsələ tamamilə yetişməmiş, hələ hadisə lazımınca inkişaf etməmişdi. Amerikalı qıza gəldikdə isə o mənim uzun-uzadı nəsihətlərimə baxmayaraq, yenə də öz şübhəli qonaqlarına hüsni-qəbul və hüsnirəğbət göstərməkdən vaz keçmirdi. Bu gün mən onun yanına getdim, dediyinə görə o, Şümşad xanımı gözləyirdi. Nədənsə Şümşad xanım bu gün verdiyi vədənin xilafına olaraq axşam saat səkkizdə gəlib çıxdı. O gəlincəyə qədər biz, ancaq Səmədxanın konsullara verdiyi ziyafət haqqında danışırdıq. Şümşad xanım gəldi. Miss Hanna onun boynunu qucaqlayıb dodaqlarından öpdükdə o: – Xanımımızın çox şirin dodaqları vardır! – deyə mənə müraciət etdi. Mən bu şit sözə əhəmiyyət vermədim, çünki mən də, amerikalı qız da onun belə, cəmiyyətə layiq olmayan sözlər danışmasına alışmışdıq. Qız artıq sevgi, işvə, qəmzə, vüsal, məhəbbət, ayrılıq və sairə kimi şeylərdən Şümşad xanımla açıq-açığına danışır və özünü Təbrizin pozğun qaraçı qadınlarına oxşadırdı. Miss Hannanın dediyinə görə, Şümşad xanımdan türkcə danışmağı öyrənirmiş. Qız hər bir söz başında «öz başım üçün» deyərək köksünə hərəkət verir, «anamın canına and içirəm» söyləyərək göz qırpmadan insanın bəbəyinin içərisinə baxır, «vay, başıma kül, ürəyimə bax gör birdən-birə necə döyündü» sözünü təkrar-təkrar söyləyirdi. Onlar oturub türkcə danışır, mən də qəzet oxumaq bəhanəsilə onları dinləyirdim. Şümşad xanım ona deyirdi ki: – Sən məni sevirsən? Miss Hanna bu sözü dinləyərkən ovuclarını üst-üstə qoyub, birlikdə qoşa əlini döşləri üstünə basdı, incə bir qımıltı verərək nazlı bir Təbriz qadını kimi: – Ay qız, bu nə sözdür? Vallah mən səni ürəkdən sevirəm, – dedi. – İnanmıram! – Yalan desəm gözlərimə qara su yensin! Mən miss Hannanın bu vəziyyətini mülahizə edərkən, həm gülür, həm də onların özünə hiss etdirmədən acıqlanırdım. Qız yalnız danışdıqda deyil, bütün hərəkətində də bir Şümşad xanım olmağa çalışırdı. Ona bir çox sözlərini dili ilə deyil, gözləri ilə, qaşları ilə və vücudunun hərəkəti ilə deməyə səy edirdi. Hələ miss Hannanın işvəkar qadınlar kimi öz qaş-gözünü tərifləməsi, əllərini döşləri üzərinə qoyub diksinməsi, qaşlarını dartaraq ah çəkməsi, qeyri-təbii olaraq başına hərəkət vermədən qıyqacı ətrafına baxması, onu əski Hannalığından tamamilə ayırmaqda və yüngül, xoş məşrəb bir qadın etməkdə idi. Bütün bunlar Şümşad xanımın qızın başına nə isə qorxulu bir oyun açmaq istədiyini isbat edirdi. Qız get-gedə onun hərəkət və söhbətini təqlid etdiyi kimi, onun tutduğu yolu və əxlaqı da təqlid edəcək idi. Buna şübhəm qalmırdı. Mən indi miss Hannanın şəxsində Qərbin bütün şərqşünaslarına gülməyə haqlı idim. Bu qızın atası məşhur bir şərqşünasdır. Qızın özü də Şərq lisanları fakültəsini bitirmişdir. İndi o, Təbrizə, dinləri, təriqət və məzhəğləri, adət və ənənələri öyrənən heyətin sədri olaraq gəlmişdir. Qız özünün qabiliyyəti nəticəsində konsulxanada mühüm bir vəzifənin başına təyin edilmişdi. Qız əvvəldə olduğu kimi, indi də, «Şərqi beş barmağım kimi tanıyıram», – deyə iddiada bulunmaqdadır. Lakin bunların heç birisi doğru deyildi. Mən miss Hannanın düşdüyü bu vəziyyəti nəzərdən keçirərkən yenə də əvvəlki fikrimə qayıdaraq öz-özümə deyirdim: «Şərqi öyrənmək üçün Qərb alilər tərəfindən yazılmış kitabları oxumaq qətiyyən kifayət deyildir. Şərqi Şərqdə öyrənmək daha doğru bir yoldur. Şərqin bu başından girib o biri başından tələsik çıxan və təsadüf etdiyi adamlarla olan söhbətləri toplayıb bir kitab şəklinə salaraq çap etdirən səyahətçilərin kitabları vasitəsilə şərqşünas olanlar, Şərqi həyatda görmək üçün Şərqə gəlirsə, yenə də miss Hannanın düşdüyü gülünc vəziyyətə düşəcəkdir». Mən miss Hannanı bu barədə heç də tənqid etmədim. O bu gün də, hər gün olduğu kimi, Şümşad xanımdan «əxlaq dərsini» aldı, nəhayət, saat 11-də şam süfrəsinə əyləşdik və saat 12-də yemək bitdi. Şümşad xanım hələ oturmuşdu, hərəkət etmək istəmirdi. Lakin miss Hanna onu gecələmək üçün saxlaya bilməzdi, çünki ona tapşırmışdım. Mən ondan əvvəl vidalaşıb çıxdım, küçədə durub onu təqib etmək qərarına gəlmişdim. Çox qaranlıq idi, ayağın altını görmək mümkün deyildi. Təbrizin üfüqləri, qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. Ara-sıra köpək hürmələrindən başqa bir səs eşidilmirdi. Kənarda durub gözlərimi amerikalı qızın qapısına dikmişdim. Yarım saata qədər durub gözlədim, qapıdan heç bir kəs dışarı çıxmadı. İki kərə qayıdıb getmək və Şümşad xanımı təqib etmək xəyalından vaz keçmək istədim. Başımda dolaşan fikirlər, gecənin qaranlığı kimi qara idi. Öz-özümə düşünürdüm: «Nəyimə gərəkdir? Burax başına bu dəli olmuş qızı! O görür ki, sən Şümşad xanım və onun ətrafındakıların tanışlığından razı deyilsən. Sən özün ona tapşırmısan ki, onu öz evində gecələməyə buraxma, lakin o, bunların heç birisinə əhəmiyyət vermir, yenə də onları evinə qəbul edir və onlara hörmət bəsləyir. O öz bildiyini atasına da verməz. Qoy başına nə fəlakət gələrsə gəlsin. Ona sən məsul deyilsən», – deyirdim. Lakin bu fikirlərin heç birisi məni amerikalı qızı müdafiə əzmindən qaytara bilmədi. Mən nə qədər düşündümsə, onun mənə etibar etdiyi və mənim müdafiəmə tapşırdığı namusunun ayaq altında tapdanmasına və onun öz arzusu xaricində olaraq xain əllərə düşməsinə razılıq verə bilməzdim. Belə fikirlər içərisində çapaladığım vaxt uzaqdan pişik gözü kimi parlamaqda olan bir işıq göründü, yenə də gözdən itdi. Orada hər kəssə durub gözləyirmiş. «Kim bilir, bəlkə də, məni təqib edən naməlum bir adamdır», – düşündüm. Yarım saatdan sonra, miss Hannanın qapısı açıldı, bir neçə saniyədən sonra həlqəsi salındı. Oradan bir nəfərin çıxdığını gördüm. O, Şümşad xanım olsa belə görmək mümkün deyildi, başındakı çarşaf, gecədən daha qara olduğuna görə qapıdan çıxan kimi gecənin qaranlığına qarışdı. Mən səsi çıxmayan yavaş addımlarla qaranlığı sökə-sökə bir xəyal kimi qarşıma düşən heykəli təqib edirdim. Elə bu vaxt mən bir oğrunun boğunuq və yavaş səsinə bənzəyən bir səs eşitdim. O səs: «Cində, sənsənmi?» dedikdə, mənim üçün Şümşad xanımın həqiqi siması qismən aydınlaşmış oldu. Təbrizdə ən məşhur fahişələri «Cində» adı ilə çağırırdılar. Buna görə də mən tamam qulaq kəsilərək dinlədim və belə düşündüm: səsin Rəfizadənin səsi olduğunu həll etsəm Şümşad xanım intriqasının əsas bir düyünü açılmış olacaq və mən biləcəyəm ki, Rəfizadə Şümşadın əri deyil, o bu fahişənin vasitəsilə amerikalı qızı yoldan çıxarmaq istəyir. Səsi tanıdım, danışan Rəfizadə idi: – Bir söz deyə bildinmi? Kəlməyə söz verdimi? – Heç bir söz... Axşamdan yanını kəsib oturmuşdu. – Onun rədd olunması üçün çalışmalısan! – Mümkün deyil, o qızın Allahıdır. – Onu Təbrizdən rədd edərik! Məsələ məlum oldu. Mən evdən çıxarkən hiss etdiyim tərəddütdən qurtarmışdım. Mətanətim özümə qayıtdı və öz-özümə: «Baxarıq, kim kimi rədd edəcəkdir», – deyə, bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı, bunları təqib etmək fikri məndə möhkəmləndi, çünki bu da bir mübarizə idi: möhkəm dayanmaq və qalib gəlmək lazımdı! Fikirlərimin qətiliyi mənə böyük cəsarət vermişdi. Nə qorxur, nə də bir şeydən çəkinirdim. Hacı Səməd xanın polislərindən, darğa, şəgirdlərdən də qorxmurdum, çünki Hacı Səməd xan tərəfindən verilən biraylıq «ism-şəb» cibimdə idi. Şəhərin bu rayonlarında rus gəzmə dəstələri də olmazdı, buna görə də küçələr Rəfizadə, Şümşad xanım, bir də mənim üzümə açıq idi. Yolumuz uzun-uzadı küçələrdən, dar, qaranlıq, bəzən üstüörtülü döngələrdən, balaca meydançalardan, dolaşıq bazarçalardan, xarabalıqların qoynunda uyumaqda olan məhlələrdən keçirdi. Onlar kiçik bir qəbiristanın yanında durdular, mən də durdum. Şümşad xanım yavaşca: – O səs nədir, eşidirsənmi? Mən qorxuram! – dedi. Rəfizadə cavab vermədi, durub xeyli dinlədilər. Mən də diqqətlə haman səsi dinləyirdim. Ruzigar çox şiddətlə əsirdi, ara-sıra bir inilti eşidilirdi. Onlar nə olursa-olsun haman qəbiristandan keçib getməli idi. Nəhayət, Rəfizadə cəsarətini toplayaraq qəbiristana daxil oldu. Mən də irəliləməyə başladım. İnilti, yolumun üstündə olan yeni bir qəbrin yanından gəlirmiş. Ruzigar ağzı sınmış bir səhəngin sınıq yerinə dəydiyi zaman səslənir və bu səs də yaralı bir insanın iniltisinə oxşayırdı. Təqib etdiklərim, bu qorxudan uzaqlaşmaq üçün addımlarını sürətləndirmişdilər. Getdiyim yolları görməmişdim, oralarda tanıdığım yer ancaq «İstanbul qapısı» və «İki qala» arasında olan döngələr və qarmaqarışıq yollardı. Keçdiyim yolların deyil, qayıdacağım yolların qeydinə qalmışdım. Bunun üçün də qara heykəl kimi görünən palçıq damları, zürafə kimi boynunu uzadan söyüd ağaclarını, qaplan kimi baxan məzar daşlarını, qəbirlər yanındakı «timsah» kimi uzanan tabutları nişanlayaraq keçirdim. İndi artıq hara getdiyimi bilirdim, çünki qaraçı məhəlləsinin «İstanbul qapısı» ilə «İki qala» arasında olduğunu eşitmişdim. Qarşımızda gecə gəzmələri göründü. Mən qabaqda gedən Rəfizadə və Şümşad xanımın tutulacağını düşünərkən, onlar gecənin adını deyərək keçdilər. Gəzmələr mənə yaxınlaşırkən uzaqdan: – İsm-şəbi! – deyə səsləndi. Mən: – Kəngavər! – deyərək keçdim. Hərgah ism-şəb yanımda olmasaydı, məni həbs edərək payi-çırağa aparacaqlar idi. Səhər kim olduğumu təyin etmək üçün şəhər komendatının, yəni mənimlə mübarizə aparan Mahmud xanın ixtiyarına verəcəkdilər. Hər halda, «Rəfizadə və Şümşad xanım da sadə adamlar deyilmiş, onlarda da hökumətin parolu varmış», deyərək düşündüm; çünki gecənin adını hər bir sadə adama verməzdilər. Onlar alçaq və üstü tökülmüş bir divarın dibində durdu, həyətə daş atdıqlarını eşitdim, bir az sonra, qapı açıldı, onları içəri aldı, yenə də qapının həlqəsi dalından vuruldu. Mən tək bir nəfər... qaraçılar dərbəndi, şəhərin ən qorxulu məhləsi... Gecə vaxtı buraya insan ayağı düşməz, axşamdan buraya kef üçün gələnlər belə, günəş boy verməmiş dışarı çıxa bilməzdi. Mən həman qapıda durub düşünürdüm: «Çox gözəl, artıq mən bunların kim olduqlarını, nə istədiklərini lazımınca öyrəndim. Daha burada durmağın, yaxud bu həyətə daxil olmağın nə mənası vardır? Hərgah mən amerikalı qızı müdafiə etmək istəyirəmsə, bir kəlmə ilə Şümşad xanımı və Rəfizadəni ona tanıdaram və onlara evlərinə gəlməyə yol verməməsini tapşıraram. Qız ki, mənim sözümü və mənim məsləhətimi rədd etməz». Bu fikirlə qapıda gəzişirdim. Lakin bu düzgün hərəkət deyildi. Mən ya içəri daxil olmalı, yaxud da buradan təcili surətdə uzaqlaşmalı idim. Lakin məsələni yarımçıq qoymaq da olmazdı. Çünki mən özüm də bu işlə əlaqədar idim. Məni də bu məsələ üzərində Təbrizdən rədd etmək istəyirdilər. Mən içəri girmək üçün çarə düşünürkən, içəridən bir kamança səsi eşitdim. Kamançanın həzin səsləri ilə qarışıq bir qadın səsi də gəlirdi. Bu səs, Şümşad xanımın səsinə çox bənzəyirdi. O səsin qüvvəti və təsiri bir anda məni qayıdıb getmək fikrindən daşındırdı. Özümdə yenə də bir ruh yüksəkliyi duymağa başladım. Bu səs və həzin tərənnümlər, dünyanın bütün xarabalığından daha xaraba, mədəniyyətcə böyük bir məhrumiyyətin qanadları altında yaşayan, gündə yüzlərcə insanın iqbalını göstərmək bəhanəsi ilə bədbəxt eləyən, fala baxmaq bəhanəsi ilə namusa və həyata təcavüz edən, insanlığını itirmiş adamların yuvasından gəlirdi. Bu səbəblə də insanı məşğul etməyə bilməzdi. Bu nəğmələrin təsirilə Şərq nağıllarında oxuduğum həramilər yuvasının məchul şəkilləri nəzərimdə canlandığı zaman, Şümşad xanım bir daha kamança ilə oxudu: «Səni də yetirrəm yara bu gecə Telimdən çəksələr dara bu gecə». Bu səs ətəyimdən tutub məni həyətə saldı. Mən əvvəlcə küçəyə çıxan qapını açdım, sonra yanımda olan tapançanı çıxarıb həyəti gəzməyə və gözdən keçirməyə başladım. Həyətdə ikicə otaq vardı. Otaqlara bir dəhlizdən keçilib girilirdi. Dışarıya çıxılmasına imkan verməmək üçün qapını həyət tərəfdən bağladım. Həyəti bir də diqqətlə aradım. Orada ancaq, budaqları küçəyə enən iki söyüd ağacı, evin qabağında isə böyük bir badam ağacı vardı. Ətrafımı yaxşı öyrəndiyimdən əmin olduqdan sonra kamança səsini dinlədiyim otağın pəncərəsi qarşısına gəldim. Otağın içərisinə tamaşa etmək üçün badam ağacının dibində qoyulan bir kürsünün üstündə oturdum və gözlərimi kiçik şüşələrdən içəri dikdim. Dərhal tüklərim biz-biz oldu, bədənim titrədi, bir neçə gün əvvəl miss Hannanın ziyafətində iştirak edən qadınların hamısı burada idi. Özlərini Rəfizadənin bacıları deyə tanıdan Səlimə xanım, Şuxşəng və Pərirux xanımlar da hərəsi bir əyyaşın qucağında oturmuşdu. Vaxtilə mənə və miss Hannaya özlərinin kübar bir ailə üzvü olduğunu söyləyən bu qadınlar, insanın xəyal və təsəvvürünə gəlməyən bütün həyasızlıqların nümunəsini göstərirdilər. Hacı Səməd xanın əmisi oğlu Mahmud xan və Rəfizadə dəxi burada idi. İki nəfər tar, kamança çalır, Şümşad xanım isə oxuyurdu: «Ay gördü kaman qaşlarımı döndü hilalə, Pəh-pəh bu qədü qamətə, pəh-pəh bu cəmalə, Bağda gülü şərməndə qılar qonça dodağım, Süzgün baxışım, qara gözüm, alma yanağım». Şümşad xanım oxuyub qurtardıqda ayağa qalxdı və oturanların hər birisinə bir öpüş verərək, yenə də qayıdıb Mahmud xanın qucağında əyləşdi. Pərirux xanım bir nəfər silahlı sərxoşun qucağında oturmuşdu. O, şərabı ağzına alır, sonra da dodaqlarını qucağında oturduğu sərxoşun dodaqlarına yapışdırıb, ağzındakı şərabı ona içirirdi. Şuxşəng xanım tacir qiyafəsində olan bir nəfərin qarşısında arxası üstündə uzanmışdı, onun başı üzərində oturan tacir isə şərabı onun göbəyinə töküb oradan içir və tez-tez «Allahummərzüqna» deyərək şəraba batmış bığlarını fahişənin əndamına sürtməklə təmizləyirdi. Səlimə xanım qızarmış bir manqalın yanında oturub xalça üzərində böyrünü yerə vermiş iki nəfər tiryəkinin hoqqasını alışdırırdı. Kamança səsi dayandı. Mahmud xan Rəfizadəni səsləyərək: – Gədə, biqeyrət, bəs necə oldu o sarıtel qız? – dedikdə, Rəfizadə başını bucaqda söhbət etdiyi qızdan aralayaraq: – Cənab Mahmud xan, Hüsni xanımdan xəbər al! – dedi: – Mən ki, öz xidmətimi müzayiqə etmirəm, aparıb amerikalı qızın evinə salmışam, daha nə istəyirsiniz? Mən «Hüsni xanım kimdir», düşünərkən, Şümşad xanım cavab verdi: – Nə qədər ki, o tacir qızın evinə gedir-gəlir, oradan heç bir şey çıxmaz. Mən indi bildim ki, Şümşad xanım saxta bir ad daşıyırmış, onun əsl adı isə Hüsni xanım imiş. Mahmud xan sərxoş halında Şümşad xanımın üzünə bir şillə çəkdi. – Sırtıq cində, yalan deyirsən, görünür ki, onu bir başqasına satmaq istəyirsən. O tacirə gəldikdə isə bu yaxın günlərdə onu Təbrizdən qaçaq salacağam. Rəfizadə: – Hərgah siz bunu bizə vədə versəniz, qız ikicə gündən sonra sənin qucağında olacaqdır. Çətini bura gətirincədir, sonra o abrusuna qısılıb heç kəsə heç nə bildirməz və istədiyin zaman bura gələr. Rəfizadə yenə də bucaqdakı qız ilə danışdıqda qızın döşlərinə əl atmaq istəyirdi. Qız əllərini qabağa verərək ona mane olurdu. Qızın üzünü görmək mümkün deyildi, o çarşafını götürmüşdüsə də, çarqatına bürünüb oturmuşdu. Sanki o, birinci kərə idi ki, bu fahişəxanaya düşmüşdü. Aldadılıb buraya gətirildiyi hər bir hərəkətindən bəlli olurdu. Rəfizadə qollarından tutub onu öpmək istədikdə, qız yerindən sıçrayıb qalxdı və çarşafını aldı: – Səlimə xanım, bu nə deməkdir? – dedi. – Sən məni bura rüsvay etmək üçünmü gətirdin! Sən bilirsən ki, məni qardaşlarım və atam tikə-tikə doğrar. Mən gərək gün batanda evə qayıdaydım, sənin fala baxmağın bu imişmi? Bu sözlərdən sonra Səlimə xanım qəhqəhə ilə gülərək qıza qışqırdı: – Otur yerə, axmax qız! Hər şeyi öyrənmək lazımdır, evdə nə işin var ki, atan-anan da səni doğrasın? Sən özün düşün, bundan da yaxşı «fal» ola bilərmi? Ay ağılsız qız! Fal iqbaldan ötrü deyildirmi? Sən buradakı iqbaldan daha gözəl bir iqbal tapa bilərsənmi? Otur yerə, bu həyat sənə ancaq bir-iki günlüyə ağır gələcəkdir. Sonra elə öyrənişəcəksən ki, səni bu evdən qovsam da çıxıb getməyəcəksən. Səlimə xanım qızın donundan dartıb yerə oturtdu və başındakı çarqatı da aldı, altına qoyub oturdu. Mən o qıza diqqətlə baxırdım. Onun o vaxtkı vəziyyəti insan arasına buraxılmış vəhşi bir dağ keçisi vəziyyətinə bənzəyirdi. O, qaçmaq və azadlığa çıxmaq üçün bir yol arayırdı, lakin mümkün deyildi. Zavallı qız oturdu, o, olduqca gözəl, uca qamətli, sağlam vücudlu bir qız idi. O ağlayırdı, onun hıçqırdığını eşidirdim. Rəfizadə ona nəsihət verir və sakit eləmək üçün deyirdi: – Eybi nədir? Qalmaq istəməsən yenə qalma! Ancaq bu eyş busatını pozub getmək sizin özünüzə də yaraşan deyil. Siz ki, xanım qızsınız, özü də nəcib bir ailəyə mənsubsunuz, mən sizin xatırınız üçün elə rəftar edərəm ki, heç bir kəsin bu məsələdən xəbəri olmaz. Bircə siz görün necə oğlana qismət olmusunuz? İnşallah siz məni sonradan tanımış olacaqsınız. Bu söhbətlər çox da uzun çəkmədi. Mahmud xan Şümşad xanımı buraxaraq ağlayan qızla məşğul oldu: – Ay ağlağan qancıq, kimin qızısan? – deyə soruşduqda, qız səsini kəsdi, lakin Mahmud xana cavab vermədi. Səlimə xanım qızın əvəzində Mahmud xanın cavabını verdi: – Üstünə çığırma! – dedi, – yaxşı qızdır. Kələntərin nəvəsidir. Mahmud xan bu sözü eşitdikdə qızın qolundan tutub öz qucağına çəkdi. – İndi Təbrizin Kələntəri mənəm! – dedi. Qız onun qucağında çapalayır, otaqda bir qarışıqlıq düşməyə başlayırdı. Rəfizadə özünü düzəldərək: – Cənab Mahmud xan, bu olmadı ki? Mən qıza ətək dolusu qran xərcləyib bura gətirmişəm, – dedi və ayağa qalxmaq istədikdə, Səlimə ətəyindən tutub onu yerə oturmağa məcbur etdi. – Otur yerə, onu yalnız sizdən ötrü bura gətirməmişəm, – dedi, – gözü dar olma, gül kimi qızdır. Bir-birinizə dəyməyin. Hamınıza yetər, buradan getməyi yuxusunda görər. Rəfizadə özünü saxlaşdıra bilmədi, qarşısındakı şərab şüşəsini götürüb Mahmud xana tulladı, butulka aralıqdakı lampaya dəyib lampanı sındırdı. Evdə yanğın düşməmək üçün hər kəs bu lampanın ətrafında toplandı, vuruşma və həyəcan başlandıqda, mən dəhliz qapısını eşikdən açıb özüm də küçə qapısından dışarı çıxdım. Mən hələ qapıdan uzaqlaşmamışdım ki, oradan bir qadının dəli kimi çıxıb yüyürdüyünü gördüm. O, əllərini açaraq küçənin o tərəf-bu tərəfinə qaçır, nə edəcəyini bilmirdi. O, yatan qonum-qonşuların eşidə biləcəyi şiddətli səslə ağlayırdı. O mənə yaxınlaşdı, libasından və səsindən Rəfizadə üçün gətirilən qız olduğunu bildim. Ona yavaş bir səslə dedim: – Hərgah buradan salamat qurtarmaq istəyirsənsə, səsini çıxarma, həm özün üçün, həm də mənim üçün təhlükə törətmiş olarsan, sakit ol, mən səni öz evinizə apararam! O artıq danışa bilmədi, ancaq bir kərə: – Mərhəmət elə! Məni aldatmışlar! – deyərək, bayılıb yıxılarkən, mən onu qollarımın arasına aldım. Qız özünü bilmirdi, küçədə dayanmaq isə mümkün deyildi, çünki həm Rəfizadənin, həm də Mahmud xanın öz şikarının arxasınca çıxacağı və onu tutub evə qaytarmaq istəyəcəyi şübhəsiz idi. Zərurət üz verdiyi zaman, insan özündə adi vaxtlarda mövcud olduğunu əsla təxmin etmədiyi bir qüvvətin olduğunu hiss edə bilərmiş! Qızı qollarımın üstünə aldım, onu gəldiyim yol ilə yox, tamamilə başqa bir tərəfə apardım. Xaraba və başlı-başına buraxılmış bir binanın içərisində toxdayıb oturdum. Lakin Şümşad xanımın qapısından çox da uzaqda deyildik. Mahmud xanın və başqalarının çıxıb qızı aradıqlarını və sərxoşcasına söyüşdüklərini eşidirdim. Qız bir saata kimi özünə gəlmədi. Hərgah havanın sərinliyi ona təsir etməsəydi, bihuşluğu bəlkə, daha da artıq çəkəcəkdi. Nəhayət, qız hərəkət etdi. O, əvvəlcə əlini alnına çəkdi, dağınıq saçlarını əllərilə çılpaq dizinin üstünə tökərək: – Ana, başım həddindən artıq ağrıyır, – dedi və nazlanaraq o biri yanı üstündə uzanmaq istərkən kərpic parçasının üzərinə düşərək, anasının yanında olmadığını anlamış olan kimi qalxdı və: – Xudavənda, mən haradayam? – dedi. – Mənim başıma nə fəlakət gəldi? Qız bunu deyərək ağlamaq istərkən, mən: – Bacım, ağlamağa lüzum yoxdur, – dedim, – sənin başında olan fəlakət keçib getdi, sən xainlərin əlindən qurtardın. Qız sözlərimi yarımçıq kəsərək şaşqınlıq və tələşla soruşdu: – Siz kimsiniz? Siz də onlardanmısınız? – Xeyr, mən yoldan keçən bir adamam, ancaq səni bir fəlakət təqib etdiyini bilərək qurtarmağa çalışdım. – Onlar mənim dalımca çıxıb yenə də qaytarmazlarmı? – Qorxma, onlar bura gəlməzlər, gəlsələr də mən səni müdafiə elərəm! – Mənə rəhm edin, mənim namuslu bir qız olduğuma inanın... – Siz də mənim namuslu oğlan olduğuma inana bilərsiniz. – Əlbəttə, inanıram. Lakin... – Bunların hamısı keçmişdir. İndi isə buradan qalxıb getmək lazımdır! – Mən evə nə cürə gedə bilərəm, çarşafım, çarqatım da yoxdur. Evdə məni öldürəcəklər. – Mən aparıb sizə çarşaf versəm qəbul edərmisiniz? – Mən sizdən çox razıyam. Ancaq sizdən rica edirəm ki, məni öldürünüz. Bu mənim üçün bir yaxşılıqdır. Çünki mən evimizdən axşam saat beşdə çıxmışam. İndi mən evimizə nə üzlə qayıda bilərəm? Mən: – Ayağa qalxın, dalımca gəlin! Bu barədə sonra düşünərik. Hələlik bu qorxulu küçələrdən uzaqlaşmaq lazımdır, – dedim və qolundan tutaraq onu ayağa qaldırdım. O, qorxusundan titrəyirdi. Başına gələn hadisə qızı tamamilə sarsıtmışdı. Mən onun qolundan tutmuşdum. O mənə söykənərək addım atırdı. Təbriz gecəsinə məxsus ruzigar əsdikcə qızın saçlarını üzümə çırpırdı. Yanımda xəyal kimi qara ipək geyimli bu qıza baxdıqca, mən özümü də bir xəyal dünyasında hiss edirdim. Lakin bunu da bilirdim ki, təsadüf etdiyim bu hadisə məni xeyli məşğul edəcəkdi, qızın namuslu ləkədar olmamaq üçün bu məsələni onun ailəsinə bildirməmək olduqca çətin bir məsələ idi. Mən indi ancaq bu barədə düşünürdüm. Qızın nə düşündüyünü bilmirdim. Ancaq iradəsini qeyb edən bu qız, bütün müqəddəratını mənə tapşırmışdı. Özünün hara gedəcəyi haqqında bir kəlmə də olsa soruşmurdu. Onu düz-doğru öz evimə gətirdim. Qapını vurdum, Hüseynəli əmi gəlib qapını açdı, yanımdakı qızı Nina zənn edərək qayıdıb getdi və mən qapını bağladıqda Hüseynəli əmi bir daha qayıdıb: – Samovar lazımdırmı? – deyə soruşduqda mən: – Samovar da, yemək də lazımdır, – deyə otağın qapısını açıb içəri girdim. Otaqdakı lampalar keçirilməmişdi. Qız sanki otağa girərkən bir daha yuxudan ayıldı və: – Mən haradayam? – deyə soruşdu. Mən ondan uzaqlaşıb kənarda durduqdan sonra cavab verdim: – Siz ən etibarlı və sizin namusunuzu öz bacısının namusu kimi müdafiə etməyə hazır olan bir gəncin evindəsiniz. Bu sözdən sonra o başını əlləri arasına alaraq bir neçə an düşündü, sonra kiçik salonu gözdən keçirdi. Mən onun başıaçıq olduğunu və bundan utandığını duyaraq: – Hərgah başınıza örtük lazımdırsa, bu saat durub gətirə bilərəm, – dedikdə o, qəmli bir halda: – Xeyr, bundan sonra nə lüzumu vardır? – dedi. – Elə isə oturun, indi sizin gələcəyiniz barəsində düşünək. İrəli gəldi, mən əyləşdiyim stulun yanındakı stulda oturdu. Nə mən, nə də qız söhbət etməyə bir söz tapmırdıq. Xüsusən qız, özünü olduqca zəif hiss edənə oxşayırdı. Nəhayət, Hüseynəli əmi samovarı gətirib dəhlizdə qoyaraq getdi. Mən alıb stolun üzərinə yerləşdirib çayı hazırladım və yuxululuq halı keçirən qıza: – Buyurun, – dedim, – bir çay için! Özünüzü ələ alın. Qız diksinmiş kimi gözlərini açdı, qalxıb çay stolunun başına gəldi və mənimlə bərabər iki stəkan çay içdi. Ruhlandı, ayağa qalxaraq güzgünün yanına keçdi, saçlarını sahmana saldı, yenə də yerinə qayıdaraq başını əlləri arasına alıb oturdu. Mən onu yedirməyincə, rahat etməyincə, onun kim olduğunu təyin etmək və bu hadisənin səbəblərini öyrənmək istəmirdim. Nəhayət, gecə saat üçdə bizə şam yeməyi verdilər. Süfrə başında olan söhbətlərimiz bundan ibarət idi: qız mənə sual verdi: – Bəs sizin ailəniz hanı? – Mənim ailəm yoxdur. – Bəs o kişi nəçidir? – O mənim xidmətçimdir. – Onun arvadı vardırmı? – Vardır. – Haradadır? – Öz otağında yatıbdır. O sizin nəyinizə lazımdır? – Elə belə soruşuram. – Sizin adınız nədir? – Mənim adım Nabat xanımdır. Bəs sizin adınız? – Mənim adım Əbülhəsənbəydir. Çox gözəl, sizin atanızın adı nədir? – Atamın adı Mehdi xandır. – Hansı məhlədə olursunuz? – Şeşgilanda. – Siz nə üçün fala baxdırmağa getmişdiniz? – Onları sizə söyləmək mənə kömək edəcəkdirmi? – Siz bu hadisəni doğuran səbəbləri mənə tamamilə söylədikdə, mən sizin vəziyyəti yüngülləşdirə bilərəm. Mən istəyirəm ki, sizin ailəniz bu məsələni heç də bilməsin. Qız acı bir təbəssümlə: – O gecdir. Əvvəla mən gecə saat dördə qədər evə getməmişəm, ikinci mən heç tanış olmayan bir kişi ilə bir otaqdayam. Mən sizə inanıram, lakin sizin mənim haqqımda bir qardaş kimi hərəkət etməyinizə Təbriz xalqı, xüsusən mənim ailəm inanacaqmı? Artıq mən ləkələnmişəm. İndi siz məni ailəmə qovuşdurmaq üçün yox, onların gözünə görünməməyim üçün bir çarə tapın, sizə yalvarıram! Qız bunu söyləyərək ağladı və əlimdən öpmək istədi. Mən onu başını əlimdən qaldıraraq saçlarını sığalladım və: – Buna lüzum yoxdur, bacım, – dedim, – sizin məsələniz o qədər də qorxulu bir məsələ deyildir. Siz məndən heç bir şey gizlətməyin. Ancaq sirlərinizi mənə açdıqdan sonra, mən sizə kömək edə biləcəyəm. Qız sözünü belə başladı: – Mən Mehdi xanın qızıyam, atamın məndən başqa iki oğlu vardır. Atamın anadan bir, atadan ayrı olan qardaşı çox varlıdır. Böyük mülkləri, kəndləri, bağları, binaları vardır. Onun da məndən çox kiçik bir oğlu vardır, onun bir gözü şikəstdir, ağlı da yerində deyil. O doğulduğu vaxt mən doqquz yaşında idim, onu bir çox zamanlar qucağımda gəzdirmişəm, indi isə məni ona vermək istəyirlər. – O sizi sevirmi? – O sevgi anlamır, hələ çox kiçikdir. – Neçə yaşındadır? – 12 yaşındadır. – Sizin neçə yaşınız vardır? – 21 yaşındayam. – Buna atanız və ananız nə deyir? – Anam özünü həlak etmək istəyir, razı deyil, atam isə əksinə. – Bunun səbəbi? – Atama pul lazımdır: çünki tiryəkidir, sərxoşdur, öz var-dövlətini də bu yolda xərcləyib bitirmişdir. – Siz bu izdivaca razı olub-olmamağınız haqqında atanıza bir söz deməmişsinizmi? – Evimizdə bütün günü döyüşmə və söyüşmə gedir, anam bu işin üstündə neçə kərə döyülmüşdür. – Əcəba, sizin əminiz bu vəziyyəti bilmirmi? – Necə ki bilmir? – Bəs nə üçün razı olur? – Bu məcburiyyəti yaradan da elə əmimdir. Sizə açığını deməkdən utanıram. – Utanmayın, bacım, müsəlman ailələrinin həyatında bu kimi acılıqları nə qədər istəsən tapa bilərsən. Utanmayın, mən sizi anlayıram! Başına gələn macəranın nə qədər ağır və əzici olduğunu qızın çöhrəsi ifadə edirdi. Bir çox sıxıntıdan sonra utana-utana dedi: – Əmim məni oğlu üçün yox, özü üçün aparır. – Ola bilməz, siz bunu haradan bilirsiniz? – Mən bilirəm. Onun mənə qarşı əlaqəsi bir əmi və qayınatanın əlaqəsinə bənzəmir. O məni hər gün qolları arasına alıb öpür və döşlərimi sıxır. Mən onun hər məni görəndə halından çıxdığını hiss edirəm. Günün birində əmim arvadı da bu vəziyyəti görüb əmimə acıqlandı və – «qızın üzünü açma!» deyərək, ona nəsihət verdi. Lakin əmim arvadının sözünü eşitmir, yenə işində davam edirdi. O mənsiz bir gün də olsa yaşaya bilmir. Gəlib məni evdən aparır. O məni öz adına almağı bacarmır, çünki şəriətdə, adətdə belə iş yoxdur. Buna görə də bir parça ət və sümükdən ibarət olan oğluna almaq bəhanəsilə məni əldə etmək istəyir. Buna da çox qalmamışdır. – Qardaşlarınız buna necə baxır? – Qardaşlarım burada ikən, belə həyasızlıqlara yol verilmirdi; ancaq əmim bir neçə kərə təklif etdi, qardaşlarım acıqlandı, o dəxi məsələni təzələmədi. – Qardaşlarınız hardadır? – Nə bilim?! – Necə yəni nə bilim? Onların hara getdiyini bilmirsinizmi? – Əlbəttə ki, bilmirəm. – Onlar getdikləri zaman sizə bir söz demədilərmi? – Dedilər. Onlar məni qucaqlayıb öpdülər və ağladılar. Son sözləri bu oldu, «Nabat; özünü satma! Biz bilirik ki, səni təkləyib bədbəxt edəcəklər». Doğrudan da, elə oldu, məni təklədilər. – Bəs sən nə üçün qaraçı evinə fal açdırmağa gedirdin? – Fal açdırıb qardaşlarımın yerini öyrənmək istəyirdim. Bu rüsvayçılıqdan qurtarmaq üçün onların yanına qaçmağı düşünürdüm. – Onlar bu vəziyyəti bildikləri halda səni nə üçün burada yalqız buraxıb getdilər? – Burada qala bilmədilər. – Nə üçün? – Mən nə bilim? – Yoxsulluqdanmı çıxıb getdilər? – Xeyr. Burada qala bilmədilər. Nabat xanım sözünün dalısını söyləmək istəmirdi. Utanır, ya da məndən nəyi isə gizləyirdi. Mənsə onun qardaşlarının getməsində böyük bir sirrin gizləndiyini hiss edirdim. Buna görə də ona bir daha müraciət etdim: – Biz sizinlə əvvəlcə şərt qoyduq ki, siz məsələni olduğu kimi açıb deyəsiniz. Lakin siz yenə də məndən nəyi isə gizlədirsiniz. Özünüz mənim evimdə, sirlərinizin mühüm bir hissəsi əlimdə və müqəddəratınızı da mənə tapşırdığınız halda mənə inanmamağınızın nə mənası vardır? Nabat xanım udqundu, dilinin ucu ilə qorxusundan qurumaqda olan dodaqlarını islatdı və: – Qardaşlarımın sirri, mənim sirlərimdən daha mühümdür, – dedi. – Onun üçün də haman sirləri yaxından tanımadığım və vicdanından əmin olmadığım bir adama vermək istəmirdim. Lakin mən elə zənn edirəm ki, siz düşündüyüm qədər saf bir vicdan sahibisiniz. Bunu iki saatdan bəri olan tanışlığımız da isbat edir, çünki yardımsız və zavallı bir qızla belə alicənablıqla rəftar etmək, ancaq saf bir vicdana malik olan inqilabçıya yaraşar. Mənim bədbəxt qardaşlarım da inqilabçı idi. – İnqilabçı? – Bəli, hər ikisi həqiqi inqilabçı idi. Hacı Səməd xan Təbrizə girdikdən sonra onlar gizləndi. Vicdansız əmim isə məni öz pəncəsinə salmaq və məqsədinə nail olmaq üçün onların hər ikisini həbs etdirmək və Hacı Səməd xanın əlinə verməyə çalışırdı. – Bəs onlar Təbrizdən nə yol ilə qaçdı? – Onların bir nəfər qafqazlı dostu var idi, onlara vəsiqə və pul verdi. Təbrizdən qaçırdı, Allah ondan razı olsun. Heç olmasa mən qafqazlını tapaydım. Kaş mən də inqilab yolunda ölüb qurtaraydım, bu günləri görməyəydim. Hər gün səngərə gedirdim. Onlara yemək aparırdım. Bəxtimə bir güllə düşmədi ki, yaxam bu rüsvayçılıqdan qurtarsın. – Qardaşların hansı səngərdə çarpışırdı? – Göy məscid səngərində. Hər gün yemək aparırdım. Yoldaşları ilə nahar edirdilər. Yenə də qabları götürüb evə qayıdırdım. – Sizin özünüz nə üçün inqilabçı olmadınız? – Bu sözü mənə qardaşlarımın səngərində duran bir qafqazlı neçə kərə demişdi, lakin mənim əlimdən nə gələrdi? – Sizin əlinizdən çox şey gələrdi. Hərgah siz inqilabçı olsaydınız, qaraçının açdığı fala inanmaz və bu cür bir tora düşməzdiniz. İndi dinləyin. Mən sizə qardaşlarınızın adını söyləyim. Onların böyüyü Saleh ağa, kiçiyi Pərvizdir. Nabat xanım təəccüblə gözlərimə baxaraq, nə isə xatırlamış kimi: – Siz osunuz? – dedi və ağladı. Mən onun əlini əlimə alaraq təsəlli verdim və ağlamamasını tövsiyə etdim. Lakin o, heç vəchlə sakit ola bilmirdi. Həyəcanla özünü toplamağa çalışaraq dedi: – Deməli, siz haman adamsınız! Xatırlayıram, mənə səngərdə inqilabçı olmağı təklif edən oğlansınız. Sizi bomba atanda görmüşdüm. Sizin bu əliniz mənə tanış gəlir. Siz bu əlinizlə mənim əlimi bir neçə kərə sıxmısınız. Bilmirəm, həyatımın bu çətin vaxtında da bu əl mənə kömək edə biləcəkdirmi? – Bu əl sizi böyük bir təhlükədən qurtarıb öz xalanızın evinə gətirmişdir. Nabat xanım dərin bir heyrət içində ətrafına göz yetirdikdən sonra, tələsik ayağa qalxaraq soruşdu: – Xalamın? – Bəli, xalanızın! Məşədi Kazım ağanın arvadı sizin xalanız deyildirmi? – Xalamdır! Xudavənda, mən bədbəxt olduğum qədər də xoşbəxtməmiş! – İndi bircə məsələ qalır. Siz gecəki hadisədən kimsəyə, heç nə söyləməməlisiz, çünki o vaxt mən də, qardaşlarınız da təhlükə altında qalar, özünüz də bədbəxt olarsınız! – Buna söz verirəm, mənə inanın, ölsəm də bu sirr mənimlə qəbrə gedəcəkdir! – İndi daha düşünməyə lüzum yoxdur. Siz bu gecəni öz xalanız evində gecələmisiniz. Bunu səhər xalanız da ata və ananıza söylər. Zənn edirəm ki, onlar buna da inanar. Əminizin məsələsinə gəldikdə, sizi onun əlindən qurtarmağı da mən öz öhdəmə götürürəm. İndi durub sağ tərəfdən otağa keçiniz, öz evinizdə olduğu kimi rahət yata bilərsiniz. – Yox, mən burada yataram. Siz rahətsiz olmayın. Öz otağınızda yatın. – Mənim otağım başqadır. Bura qonaq otağıdır. Gecə saat beşdə yatmaq üçün otaqlara çəkildik. * * * Mahmud xan Mahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi. Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi. Dalımca adam saldığını və əlverişli bir yerdə məni öldürtmək istədiyini bilirdim. Buna görə mən də onu təqib etmək qərarına gəlmişdim. Tütünçüoğlu, Həsənağa və başqa yoldaşların vasitəsilə onu və onun bütün niyyət və məqsədlərini öyrənməyə çalışırdım. Mahmud xan bir tərəfdən Şümşad xanımın etibarını amerikalı qızın evində möhkəmlətməyə, onu öz evinə aparmağa çalışır, o biri tərəfdən də onun bacıları və sair qohumları Ninanı elçiləmək üçün gedib-gəlirdi. Nina hər gün Mahmud xandan bir neçə məhəbbət kağızı alır və bununla da rahatsız olurdu. Nina bir neçə kərə mənə müraciətlə, Təbrizdən qəfil, hər kəsdən xəbərsiz köçüb getməyi təklif edirdi. Mən bu arı heç vaxt qeyrətimə sığışdıra bilmədiyim üçün onun təklifini rədd etmişdim. Hazırkı mübarizə inqilabi mübarizə olmasa belə Təbrizdən həqarətlə qaçmağı heç bir zaman qəbul edə bilməzdim. Yaxamı Mahmud xanın əlindən qurtarmaq üçün qaçmağım, amerikalı qızın da məhvi demək idi, çünki yəqin edirdim ki, mənim Təbrizdən getdiyimin ikinci günü, qız Şümşad xanımın fahişəxanasına düşəcəkdir. Xüsusən mən Təbrizdən getdikdə, xalça emalatxanalarında çalışan gənc işçilər arasında başladığımız təşkilat işləri də yarımçıq qalacaq idi. Bunları nəzərə alaraq Ninanın Təbrizdən getmək fikirlərinə şərik ola bilmirdim. Gecə saat bir idi, Məşədi Kazım ağa rəngi ağarmış halda içəri girdi və: – İşdən xəbəriniz varmı? – dedi. – Xeyr yoxdur! – Bir saat bundan qabaq Mahmud xanın adamları Müqtədir xanın evinə girib bir çox qiymətli şeylər alandan sonra özünü də öldürmüşlər. – Müqtədir xan kimdir? – Məgər siz onu tanımırsınızmı? Mən yenə də özümü bilməməzliyə vurub: – Xeyr tanımıram, – dedim, – mən Təbrizdə kimi tanıyıram ki? – Siz Mehdi xanı tanıyırsınız, ya yox? – Hansı Mehdi xan? – Bir neçə gecə bundan qabaq burada olan Nabat xanımın atası Mehdi xanı. Bizim xanımın bacısı əri. – Bəli, bildim, Mehdi xanı öldürmüşlər? – Xeyr, Mehdi xanın qardaşı Müqtədir xanı. – Haradan bildiniz? – Xanıma bu saat xəbər gətirdilər. – Böyük bir bədbəxtlik! – Bəli, böyük bir bədbəxtlik. Bu, Nabat xanım üçün də bir bədbəxtlikdir. – Nə üçün? – Çünki oradan aparılan dövlət bədbəxt qızın əlindən getdi. Biz nə qədər zəhmət çəkib onları inandırmışdıq ki, qız gecəni bizdə olubdur, o inanmışdı. İş də düzələcəkdi, fələk qoymadı. – Çox gözəl, qız ki, onun oğluna getmək istəmirdi, siz gördünüz ki, qız ağlayırdı. – Çox da istəmirdi, çox da ağlayırdı, o qədər var-dövləti əldən çıxarmaq olardımı? Mən daha bir söz demədim. Məşədi Kazım ağadan tamamilə incidim, çünki bu adam üçün para, var, dövlət hər şeydən, hətta irz və namusdan da qiymətli imiş! Lakin hələlik bu adamla əlaqə saxlamaq lazım idi. Məşədi Kazım ağa oturmadı, qabağına qoyulan çayı da yarımçıq edib getdi. Mən təkcə oturub Tütünçüoğlu və Həsənağanı gözləyirdim. Məşədi Kazım ağa onların Müqtədir xanla olan «haqq-hesabı» bitirdiklərini söyləsə belə, yenə də əmin deyildim. Onların işi nə cür yerinə yetirdikləri ilə maraqlanırdım. Qapı vuruldu. Tütünçüoğlu və Həsənağa içəri girdi. Mən onlar oturmadan: – Quluzadə və Rəcəbli yoldaşlar harada qaldı? – deyə xəbər aldım. Tütünçüoğlu cavab verdi: – Tələşa düşmə, qardaşım, onları evlərinə yola saldıq, bura gəlmələri lazım deyildi. – İşlər necə oldu? – Hər şey öz yerindədir, Müqtədir xandan başqa! – Söyləyin görüm, mən onu öldürməyi sizə tapşırmışdımmı? Onu öldürmək lazım olsaydı, mən sizi Mahmud xanın adamları adı ilə deyil, sadəcə, qarətçi adı ilə göndərər və işi bitirərdim. Sizi Mahmud xan adamları adı ilə göndərməklə, onunla Mahmud xan arasında ixtilaf törətmək istəyirdim, onu Mahmud xanın əlilə məhv etməyə çalışırdım. Siz isə gedib əlinizi qana batırdınız! Onlar məndən birinci kərə idi ki, məzəmmət eşidirdilər. Hər ikisi qızarıb utancaqlıqla başlarını aşağı salaraq gözlərini döyürdülər. Mən yenə soruşdum: – Deyin görüm nə üçün mənim sözümdən çıxdınız? Tütünçüoğlu Həsənağadan əvvəl sözə başladı: – Əvvəli budur ki, onu öldürmək lazım idi. Ondan tapılan vəsiqələri oxumuş olsaydınız, bizə bu sualı verməzdiniz. İkincisi də budur ki, onu biz öldürmədik. Bilirsiniz ki, biz dörd nəfər idik. Saat 11-də həramız bir tərəfdə durub onun evinin qaraulunu çəkirdik. Qabaqca oradan cavan bir qızla bərabər qulluqçu bir qadın çıxdı. Sonra bir nimçə xörək əllərində aşpazlar da getdi. Əvvəlcə qapıya mən yanaşdım. Yoldaşlar kənarda dayanmışdı. Qapını vurdum. Müqtədir xanın arvadı qapıya gəlib soruşdu: – Kimsən? Nə istəyirsən? – Xana məktub gətirmişəm, – dedim. Arvad qapını açdı. İçəri girən kimi ona belə xəbər verdim: – Mahmud xan Hacı Səməd xanın əmrilə bizi xanın yanına göndərmişdir. Çox rica edirəm ki, qorxmayasınız, qorxulacaq bir şey də yoxdur. Arvad özünü itirdi. Yoldaşlarımız da gəlib içəri girdilər. Qapını dalından bağlayaraq, yoldaşlardan birisini orada qoyub evə doğru irəlilədik. Bir yoldaş da dəhliz qapısında durdu. Həsənağa ilə ikimiz otağa girdik. Xan beliaçıq əyləşib, qəlyan çəkirdi. O bizi görünçə qəlyanı buraxıb soruşdu: – Nə əcəb gecənin bu zamanı təşrif gətirmişsiniz? – Cənab Mahmud xan, həzrət Əşrəfin əmri ilə bizi sizin evinizə göndərmişdir. Siz burada gizlənən inqilabçıları verməlisiniz. – Hansı inqilabçıları? – Qadaşınız oğlanlarını! Biz bunu deyərək Mahmud xan adından apardığımız vəsiqəni göstərdik. Müqtədir xan vəsiqəni oxuyub bizə qaytardı və: – Çox təəccüb edirəm, – dedi, – əcəba, Hacı Səməd xan və cənab Mahmud xan özü mənim inqilabçı olmadığımı bilmirmi? Mən xahiş edirəm ki, mənim qabaqca vəsiqələrimi yoxlayasınız. O bunu deyərək balaca bir sandıqca gətirdi, oradan bir dəstə vəsiqə çıxardı və: – Buyurun, – dedi, – bu vəsiqə qardaşım oğlanlarının inqilabçı olduqlarını bildirmək üçün Hacı Səməd xana yazdığım məktubun surətidir. Bu da bu xidmətimin əvəzində Hacı Səməd xanın mənə iltifat buyurduğu vəsiqə! – Bu kifayət deyil, – dedim, – siz gərək gizlətdiyiniz adamları verəsiniz! – Onları mən gizlətməmişəm, onların özləri Təbrizdən qaçıb gedibdir. Mən özüm də onları axtarıb məhv etdirmək istəyirəm. Yalnız bu gün harada olduqlarını bilmişəm. – Haradadırlar? – Onların Miyandabda olduğunu eşitmişəm. Budur öz əlimlə də məktub yazmışam, sabah aparıb Hacı Səməd xana verəcəyəm. Biz onun Hacı Səməd xana göndərmək üçün yazdığı məktubu da alaraq: – Eybi nədir? Biz məktubu da cənab Mahmud xana verərik, – dedik, – indi buyurub sandıqları açınız! Biz onları axtarmalıyıq. – Nə axtaracaqsınız? – Daha başqa vəsiqələr lazımdır! O, etiraz etmədi. Biz əvvəlcə onun vəsiqə çıxardığı sandıqcanı aradıq. Oradan bir dəstə Amerika dolları, bir paket dolusu ingilis kağız pulu, bir miqdar da rus pulu götürdük. Kağızları da yoxladıq: bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. O bizə belə bir sual verdi: – Pulları nə üçün götürürsünüz? – Pullar bizə lazım deyil, ancaq onların siyahısını tutacayıq. Pullar yenə də özünüzə qaytarılacaqdır. İndi başqa sandıqları açın! Sandıqlardan birisini açdılar, axtardıq, hər nə qızıl və başqa qiymətli daşlar vardısa götürdük. Başqa bir sandıqda olan rus və osmanlı qızıl pullarını da aldıq, onların hamısını böyük bir torbaya yığdıq. Oğlu yatmışdı, arvadı onunla bir yerdə idi, hər işi qurtarandan sonra onun öz üst-başını aradıq, qızıl saatından başqa üstündə heç bir şey yox idi. Ancaq jiletinin içəri cibindən bir qız şəkli çıxdı. Qızın kim olduğunu soruşduqda, o, qardaşı qızının şəkli olduğunu söylədi. Arvadı isə onun üzünə tüpürərək: «Tfu sənin qeyrətinə! – dedi, – oğlunun adına almaq istədiyin qızın şəklini öz qoynunda gəzdirirsən?! Sənə nə etsələr azdır!» Arvad bu sözü söyləyərək əsəbiləşdi və dəlicəsinə stol üzərində qoyulan bürünc şamdanı alıb onun gicgahına elə bərk vurdu ki, Müqtədir xan yıxıldı. Biz əyilib halını yoxladıqda, onun işini bitmiş gördük. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. Biz də dərhal bütün şeyləri götürüb çıxdıq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. İşin həqiqəti belədir ki, dedik. Paralar isə elə boldur ki, onunla bütün mühacirətdə olan yoldaşları təmin edə bilərik. Bu sözlərdən sonra Tütünçüoğlu, xandan alınan vəsiqələri, götürülən pulların və qiymətli şeylərin siyahısını, qızın fotoşəklini mənə verdi. O Nabat xanımın şəkli idi. Mən təcili məktub yazıb Həsənağaya verdim, cib xərcliyini də yanına qoyaraq dedim: – Bu gecə Miyandaba gedərsən, bu məktubu Saleh ağa və Pərvizə verərsən. Bunu bacara bilərsənmi? – Nə üçün bacarmıram, – deyə qalxmaq istədikdə, Saleh ağa və Pərviz ağa üçün də xərclik verdim, vidalaşıb yola saldım. Həsənağa getdi. Gecə saat iki idi. Tütünçüoğluna müraciətlə dedim: – Bu işimiz müvəffəqiyyətlə qurtardı, indi isə sənə məlum olan başqa bir işin dalınca getməliyik! * * * Təbrizin baharı Bu axşam saat 6-dan başlayaraq gecə saat ikiyə qədər Hacı Səməd xanın yanında idim. Müqtədir xanın öldürülməsi və onun evindən külli miqdarda dövlət aparılması onu əsəbiləşdirirdi. O, saat 7-də Mahmud xanı qəbul etdi. – Sənin adamların, rus konsulunun yanında mənim nüfuzumu bir şahılıq edir, – dedi. – Konsulun dediyinə görə, mən Təbriz şəhərini idarə edə bilmirəm, xüsusən mən sənin işlərini də təftiş eləmirəm. Sən şəhərdə hər nə bilirsənsə edirsən. Eşitdiyimə görə gecələr şəhər tamamilə başlı-başına qalır. Səməd xan oturmaq əmri vermədiyindən o, ayaq üstündə durmuşdu. Səməd xanın bu sözləri şəhər komendantına çox pis təsir etmiş olmalı ki, birtəhər özünü toplayaraq titrək səslə: – Həzrət Əşrəf icazə verirsə, müxtəsərcə bir ərzim vardır, – dedi. – De görüm, amma özünü təmizləmək üçün yox! – Müqtədir xanın öldürülməsi məsələsi şübhəlidir, mən adamlarımı beş barmağım kimi tanıyıram. – Tanıyırsan, amma yerlərində oturda bilmirsən! Hacı Xətibin evini kimlər daşıyıb apardı? Əbaçıbaşının qızını evindən kim çəkib apardı? Süleyman xanın arvadını kim soyub qarət etdi? Xəzçilərin evinə soxulub arvad-uşağa kim sataşdı? Divanbəyi nəvəsini çəkib aparan, namusuna təsavüz etdikdən sonra buraxan kim idi? Hacı Murtuzun oğlunu kimlər aparıb gizlətdi? İstəyirsən yenə deyim? Hərgah bu hərəkətlər haramzada inqilabçıların şanına yaraşsaydı, biz bunları da onların boynuna yıxardıq. Lakin mümkün olan şey deyil; buna Təbriz xalqı da inanmaz! Sənə böyük bir şəhəri tapşırmışam. Öz nüfuzumun müqəddəratını sənin əlinə vermişəm, amma sən bundan istifadə edə bilmirsən. – Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, beş nəfər əyri-üyrüsü olmayacaqmı? Əcəba, oğruların təqsirini də mənim adamlarımın üstünə yıxacaqlar? – Oğru oğrudur, məgər sənin adamların oğurlaya bilməz? Hacı Səməd xan yanındakı zəngi basdı, xidmətçi içəri girdi. – Get o arvadı bura gətir, – dedi. Xidmətçi getdi, bir-iki dəqiqə sonra qara çarşafda, ucaboylu bir qadın içəri girdi, baş əydi, salam verib-vermədiyini bilmədim. Heç bir səs eşidilmədi. Hacı Səməd xan çox mülayimətlə ona müraciət edib: – Əyləşin, xanım, – dedi, – lakin doğrusunu danışın. Tütünçüoğlu mənə necə söhbət etmişdisə, elə də, qadın Hacı Səməd xana danışdı. Aparılan şeylərin siyahısını da Tütünçüoğlunun dediyi kimi göstərdi. Hacı Səməd xan aparılan sərvətin qədərini dinlədikdə, acığından lap özündən çıxdı. Qadın Müqtədir xanın öldürməsi məsələsini tamamilə təhrif etdi: – Onlar hər nəyimiz varsa bir torbaya doldurub götürdü, onlar getmək istəyəndə rəhmətlik kişi durub dallarınca çıxmaq istədi, o əlləri şil olmuşların birisi tüfənginin qundağı ilə kişini vurub yıxdı, daha bundan sonra heç bir şey bilmədim, çünki mən də özümdən getmişdim. Səməd xan ona bir sual verdi: – Siz onların Mahmud xandan vəsiqə gətirdiklərini öz gözünüzlə gördünüzmü? – Necə ki, görmədim. Kişi özü alıb oxudu, yenə də o əlləri şil olmuşlara qaytardı. – Çox yaxşı, gedə bilərsən! Qadın getdi. Mahmud xan: – Həzrət Əşrəfin başına and olsun, mən heç kəsə vəsiqə verməmişəm! – dedi. – Hərgah bu hadisədə verməmişsənsə, başqalarında vermisən, hərgah verməsəydin evlərə vəsiqə ilə girmək işi Təbrizdə adət olmazdı. İndi get. Lakin sənə əmr edirəm ki, Müqtədir xanın evindən gedən şeyləri bir qara şahısına kimi tapıb mənə gətirməlisən. Get, hərgah bir də bu cür hadisə üz verərsə, sizinlə başqa cürə danışacağam! Mahmud xan getdi. Sonra Hacı Səməd xan konsula yazılacaq məktubların farscasını mənə verdikdə: – Ağadan çox rica edirəm bu məktubları ruscaya tərcümə eləsin və Nina xanım da makinədə yazıb bizə göndərsin, – dedi. Mən vidalaşıb çıxdım. Balaqurban faytonu Nizamüddövlə bağının qapısında saxlamışdı. Mən faytona minib yola düşdüyüm vaxt Tütünçüoğlunun siqnalını eşitdim. Faytonu saxlatdırdım, onu da özümlə bərabər götürmək istədikdə, Hacı Səməd xanın faytonundan düşən bir qadın da tələsik bağa soxuldu. Tütünçüoğlu yavaşcadan qulağıma pıçıldadı: – Şümşad xanımdır. Hüsni bu gecə həzrət Əşrəfin payına düşmüşdür! Doğrudan da, qadın boyu və yerişindən Şümşad xanıma bənzəyirdi. Saat üçün yarısında evə çatdıq. Hüseynəli əmi samovarla bərabər bir məktub da gətirdi. Məktubu amerikalı qız yazmışdı: «Əziz dostum, sevimli arkadaşım. Şümşad xanım Təbriz bağlarının baharını bir şair kimi təsvir edir. Xüsusən bu gözəl şəhərin bahar mövsümündəki cümə günləri çox maraqlı olurmuş. Təbrizlilər adətincə bahar cümələri «Həkməvar» bağlarına getmək və orada kükü bişirməyin ayrı ləzzəti varmış. Şümşad xanım məni sabahkı «Həkməvar» səyahətinə qonaq çağırır, orada mənə maraqlı səyahətçilər və qəribə mənzərələr göstərməyi də vəd etmişdir. Məni sabah axşam saat beşdə evdə görəcəksən. Səni sevən Hanna». Məktubu oxuduqda qanım başıma vurdu, kəsilə-kəsilə qaldım, çünki nə mən məsələni ona açıq deyə biləcəkdim, nə də qız mənim işarətlərimi anlayacaqdı. Bu səyahətdə yalnız Şümşad xanım deyil, Rəfizadə və başqalarının da iştirak edəcəkləri, həm də Hannanın da bu dəstəyə qoşulacağı şübhəsiz idi. Çünki bu səyahətdən də məqsəd mənə elə gəlirdi ki, ancaq Hannanı ələ gətirmək idi. Mən sakit olmaq üçün öz-özümə deyirdim: «Nəyinə gərəkdir! Qoy nə istəyir etsin, hara gedir, getsin! Bu nə qədər tərbiyəli, alim və sevimli qız olsa da, yenə də: «Nemeslər hamıdan yüksəkdir» – deyənlərdəndir». Lampanın xodunu alıb uzandım, lakin gözümə yuxu getmirdi, məktub rahətimi pozmuşdu. Mən nə qədər istəsəydim də, qızı heç bir vəchlə başlı-başına buraxa bilməyəcəkdim. Bu qərara gəldikdən sonra bir az yuxuladım. Ancaq səhər saat doqquzda qızın evinə getdim. O, səyahətə hazırlanmışdı. Amerikalı centlmen gənc libasını geymiş, tam mənasilə bir amerikalı olmuşdu. Məni görürkən: – Səninlə birlikdə gedəcəyik. İndi Şümşad xanım da, Rəfizadə də gələcəkdir. Yaxşı vaxtında gəldin, – deyə boynuma sarıldı. Mən heç də bunu gözləmirdim. Mən onu bu səyahətdən saxlasa idim, o səbəbini soruşacaq idi, lakin mən ona nə Rəfizadə, nə də Şümşad xanım haqqında bildiklərimi demək istəmirdim, çünki mən bu macaranı axırına qədər öyrənmək, qızı müdafiə eləmək və Ninanın arxasınca düşərək, onu da Hüsni xanım kimi fahişələrlə bir gözdə gören Mahmud xanla hesablaşmaq istəyirdim. Bununla belə ona qəti bir təklif etməli oldum: – Bu gün sən «Həkməvar» bağlarına getməyəcəksən! Qız heç bir söz demədi, əllərini boynumdan çəkərək, soyunmaq üçün o biri otağa getmək istədikdə, mən: – Dur, sözümü dinlə! – deyə, onu saxladım. Qız durduğu yerində quruyub qaldı, mənim bir Şərq kişisi amirliyi ilə dediyim sözlər onu təəccübləndirməyə bilməzdi, çünki birinci dəfəydi ki, o məndən bu cürə qaba rəftar görürdü. Mənim birdən-birə dəyişilməm, onu təhqir belə etməyə hazır olduğum ondan gizli qalmadığından, o şaşırmışdı. O məndən heç nə soruşmağa cəsarət etmirdi. Mən bu axır dəqiqələrin uzun sürməsinə imkan vermədim, çünki onun qaşlarının qovuşduğunu, dodaqlarının büzüldüyünü, boynundakı damarların şişib döyündüyünü görürdüm. Bütün bu əlamətlər isə onun ağlamaq istədiyinin nişanəsi idi. Buna imkan verməmək üçün onun başındakı kepkanı götürüb, əlimi sarı saçlarına çəkdim: – Gözəl və səmimi dostum, – dedim, – sən mənim bu amiranə rəftarımdan darılma! Mən səni başqa bir səyahətə aparmaq üçün gəlmişəm. Mən səni o yoldaşlarından ayırmaq üçün bundan daha başqa bir çarə tapmadım. Birdəfəlik Şərq üsuluna keçdim. Bu gün Təbrizdə «Həkməvar» səyahətindən daha maraqlı bir səyahət vardır. Gecə mən sənin məktubunu almadan əvvəl, səni haman səyahətə aparmağı düşünmüşdüm. Bugünkü at yarışına getmək, «Həkməvar» bağlarına kükü yeməyə getməkdən daha nəşəlidir. Xüsusən burada «Acı çay» kənarındakı bağların da başqa səfası vardır. Bahar zamanında vaxt keçiriləcək yerlərin ən görkəmlisi şəhərin o tərəfləridir. Bizi aparmaq üçün fayton da hazırdır. Amerikalı qız, indi də şadlığından, sevincindən ağlayaraq boynuma sarıldı və birdən hərəkətindən utanmış kimi tələsik məndən ayrılaraq qonşu otağa qaçdı. Mən oturub stol üzərindəki məcmuələrlə məşğul idim, xidmətçi qadın çay gətirdi, çıxıb getmək əvəzinə dayanıb durdu. O, sözü olana bənzəyirdi. Lakin danışdırmaq üçün bəhanə lazımdı, buna görə də mən: – Madam, kefiniz necədir? Kiçik xanımdan razısınızmı? – soruşduqda, qadın: – Çox razıyam, – dedi, – lakin kiçik xanıma kömək lazımdır. Onun dostluq etdiyi qadınlarından şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur. Onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər. Mən yavaşdan: – Qorxmayın, – dedim, – qız onlarla heç bir yerə getməyəcəkdir! Onu başqa bir səyahətə aparacağam. Xidmətçi qadın razı qalıb getdi. Amerikalı qız hələ içəridən çıxmamışdı, onu bir neçə dəqiqə gözləyəcəyimi bilirdim; başqa vaxtlar da belə idi. O, sakit olmayınca, çöhrəsindən göz yaşı izləri tamamilə silinməyincə yanıma gəlməzdi. Mən özümə yük elədiyim bu qızın əlindən qurtarmaq üçün bir yol axtarırdım. Qız çox məğrur bir qızdı. İzzət-nəfsini başqa qızlardan daha artıq sevirdi. Mənim zənnimcə, amerikalı qız yüngül bir təhqir nəticəsində məndən ayrılacaq və bu dəli sevgidən vaz keçəcəkdi. Lakin sonradan gördüyüm kimi zənnim boşa çıxdı. Amerikalı qıza qarşı qaba hərəkətdə bulundum, onu təhqir etdimsə də, əhəmiyyət vermədi, deyəsən, sevgi onun qürurunu öldürmüşdü. Mən qadın xarakteri üçün bir ülgü qəbul etməkdə yanıldığımı dərk etdim. Qadının xüsusiyyəti, təbiəti, bir avropalı qızının geyimi, modası qədər müxtəlifdir. Hərgah məğrur qadınların bəzisi öz sevdiyindən gördüyü qaba bir hərəkət nəticəsində ondan soyuyur, bəlkə də, həmişəlik ayrılırsa, digər bir məğrur qadını, həmən hərəkət öz sevdiyinə daha da yaxın edir. Qadınlar arasında «filankəs məni sevməsəydi, filan hərəkətimə mane olmazdı, qısqanmazdı», – deyənlər azdırmı? Miss Hanna da belələrindəndi. O da sevginin bir ünsürünün qısqanclıq olduğunu irəli sürənlərdəndi. Məcmuələri bir tərəfə buraxaraq öz-özümə: «Sevgi xəstəlikdir – dedim. – Bu xəstəlik öz dövrünü keçirməyə məcburdur. Onu heç bir dərman yarı yoldan qaytara bilməz. O müəyyən bir vaxta qədər bütün ağrı-acısı, zövqü və nəşəsi ilə davam etməlidir!» Xırdaca stəkanın çayını içib qurtararkən, sevgi xəstəsi olan miss Hanna içəri otaqdan çıxdı, yanımda oturdu, xidmətçi qadını səsləyərək çay istədi. Mən onun xidmətçi uşağı ilə Məşədi Kazım ağaya belə bir məktub göndərdim: «Məşədi Kazım ağa! Bu gün «Acı çay» kənarındakı at yarışına gedəcəyəm. Faytonu təcili surətdə göndərəsiniz. Bəlkə, nahara qayıda bilmədik. Zənbildə bir az yemək də göndəriniz». Məktubu yolladıqda qız: – İndi ki, bir az vaxt vardır, gəl mənim sərgimə bax! – deyə, qolumdan tutub məni ayağa qaldırdı. İş otağına girdik. Orada qoyulan boş bir stolun üzərində, qızın bütün qiymətli şeyləri düzülmüşdü. Doğrudan da, qızın təbirincə bu «sərgi» olduqca zəngin idi. Burada qızın özü ilə Amerikadan gətirdiyi, mənimlə tanış olduğu zamandan bəri hədiyyə aldığı və öz parası ilə əldə etdiyi qiymətli şeylərin hamısını görmək mümkün idi. Orada mənim bir daş qələmim və sair şeylərim də var idi. Mən ona sual verdim: – Bu gözəl və zəngin sərgini sən özünmü düzəltdin? – Doğrudan da, sərgi gözəldirmi? – Çox!.. – Bu sərgini düzəldən Şümşad xanımdır. – O sənin bu qədər zəngin şeylərə malik olduğunu haradan bilirdi? – Ona bu şeyləri mən özüm göstərmişdim. – Sərgini nə münasibətlə düzəltdiniz? – O dedi ki, mən də öz zinətlərimdən sərgi düzəltmişdim. Sənə də elə bir sərgi düzəltmək lazımdır. Mən heç bir söz söyləmədim. Şümşad xanımın bu sərgini düzəlməkdə məqsədi bəlli idi. O bu şeyləri bağlı sandıqdan çıxarmaq və hazırda qoymaq, lazım olduğu zaman çalıb aparmaq hazırlığını görmüşdü. Qız mənə müraciətlə: – O qadın qayət sənətkar bir qadındır, – dedikdə mən: – Onun sənətkar olmasına şübhəm qalmadı, – dedim. – Onun xasiyyəti də özü kimi gözəldir. O özünü mənə bir doğma bacı kimi sevdirmişdir. Mən daim onun haqqında düşünürəm, çünki Rəfizadə ona layiq kişi deyildir. Onun gəncliyi Rəfizadənin əli ilə məhv ediləcəkdir. Bu qafil qıza mənim yazığım gəlirdi, çünki mən bilirdim ki, Şümşad xanım hər gün ona daha başqa müştərilər tapır. Son günlər Şümşad xanım amerikalı qızı Səməd xanın fərraş başçısı Qulusultana da vəd eləmişdi. Rəfizadə, Mahmud xan və Qulusultanın qızın ətrafında bərk mübarizəsi gedirdi. Bunların üçü də Şümşad xanımı tələsdirib, məsələnin tez bitməsini tələb edirdi. Mən miss Hannanın əlini sıxaraq: – Sənin Şümşad xanımla başladığın bu dostluğun səadətlə nəticələnməsini arzu edirəm! – dedim. Miss Hanna Şümşad xanıma, Şuxşəng, Pərirux və Səlimə xanıma ən gözəl sifətləri yozmağa başlamışdı. O, belə qadınlarla tanış olmaqla özünü xoşbəxt hesab edir, Təbriz və xüsusən Şərq qadınlığını bu dörd nəfərin şəxsiyyətində öyrənə biləcəyini düşünürdü. – Mən bu dörd qadından aldığım təəssüratımı bir kitab şəklində yazacağam. Amerikada indiyə qədər Şərq qadınlığı müsbət bir şəkildə xalqa tanıdılmamışdır. Mən gülümsəyərək: – Doğrudan da, sənin bu qadınlardan aldığın təəssürat bir kitab şəklində çıxmalıdır? – dedim, – bu barədə mən də sənə kömək edə bilərəm. Miss Hanna isə Şümşadı tərifləməkdən yorulmurdu. – O, gözəl fal açır, gələcəyi, keçəcəyi xəbər verir, insanı heyrətə salır. Hələ Şuxşəng xanım ondan da mahir bir fal açandır. Şümşad xanım sənin haqqında da mənə bir çox sözlər söyləməkdədi. Təcrübəli qadındır! Qız əlləri döşündə otağı dolaşır və qaraçı qızını mədh edirdi. Miss Hanna başdan çıxarılmaqda idi: Şümşad xanımın miss Hannanı da, Kələntərin nəvəsi kimi falına baxmaq bəhanəsi ilə aparacağı, yüksək bir qiymətə satacağı aşkar idi. Getmək vaxtı idi. O, stol üzərindəki iş qovluğunu yığıb sandığa qoyarkən, bir bağlı kağızı göstərərək: – Bu olduqca qiymətli bir yazıdır, sən bununla maraqlanmırsanmı? – deyə soruşdu. – Mən sənin özünlə, sözlərinlə, sənin hər bir işinlə maraqlanıram, çünki sənin bütün varlığın özü adamda maraq oyandıracaq bir varlıqdır. Qız bağlı kağızı açmaq istədikdə, fayton qapıda dayandı, qız da kağızı cibinə qoyaraq: – Yolda oxuyarıq, – dedi. * * * Fayton hələ qapıdan o qədər də uzaqlaşmadan miss Hanna İran parlamanına başlanan seçki hazırlığından söhbət açaraq dedi: – Tehranda seçki hazırlığına başlanmışdır. Təbrizdə seçki başlanması ətrafında çar diplomatlarının arasında ixtilaf vardır. Rusiyanın Tehran səfiri Azərbaycan üçün nümayəndələrin Tehranda seçilməsini məsləhət görür və belə düşünür ki, Azərbaycan nümayəndələri Tehrandan seçilər və hərgah nümayəndələr rusofillərdən keçməzsə, o vaxt Rusiya hökuməti bu seçkilərin qanunsuz olduğunu isbatla, seçkiləri ləğv edərək, Təbrizin özündə seçkilər təşkil edər və öz tərəfdarlarını keçirərlər. Bu fikrə Rusiya xariciyyə naziri Sazonov etiraz edərək, bununla İngiltərəni narazı salmaq mümkündür deyir. Biz bir neçə gün əvvəl İngiltərinin Rusiyaya verdiyi etiraz notasının bir nüsxəsini ələ gətirmişdik. Notada ruslar Azərbaycanı İrandan ayırmaqda, Hacı Səməd xanın sərbəst hərəkətinə imkan verməkdə, onu Tehran hökumətini tanımamaqda müdafiə eləmək və bununla da 1907-ci il müqaviləsinin ziddinə hərəkət etməkdə təqsirləndirir. Dünən xariciyyə naziri Sazonovdan Tehran səfirinə göndərilən gizli teleqramın Təbrizə göndərilən surətinin bir nüsxəsini ələ keçirmişik. Teleqramda Hacı Səməd xanı Azərbaycanda seçkilərə başlamağa məcbur etmək qərara alındığı göstərilir. Miss Hanna bunu söyləyərək teleqramın surətini çıxardı. Xariciyyə naziri Sazonovdan Tehran səfiri Korostovsevə 5 nömrəli teleqram. «82 və 91 nömrəli teleqramlar alınmışdır. Azərbaycan üçün seçiləcək məclis nümayəndələrinin Tehranda seçilməsi, bizim nöqteyi-nəzərimizdən arzu olunmayacaq bir işdir. Bu cəhət Hacı Səməd xanın mərkəzə tabe olmaması siyasətinə əngəl törətmiş olur. İşlər belə olduqda, biz bu gərəkli və fəaliyyətli adamı itirə də bilərik. Onu saxlamaq çətinləşər. Biz Azərbaycan üçün nümayəndələrin Tehranda seçilməsinə razı olursaq vaxtında daha seçkilərin qanunsuz olduğunu göstərə bilmərik. Etiraz etməyə də haqqımız olmaz. Belə olduqda insafla demək lazımdır ki, iranlıların bizə, «buna nə üçün əvvəlcə etiraz etmədiniz?» deməyə haqları olar. Nümayəndələrin Tehranda seçilməsi bir çox münasibətsizliklər üçün əsas yaradır. Tehranda bizim arzu etmədiyimiz bir çox adamlar da seçilə bilər. Buna görə də seçkilərin Azərbaycanda aparılması üçün Hacı Səməd xana təzyiq etmək və bu yolda məqsədə nail olmaq lazımdır. Surəti Təbrizə. Sazonov». Miss Hannada inqilab duyğusu yox idi; o bütün bu xidmətləri ilə Rusiya mənafeyinə əngəl törətmək, onu ifşa etmək və bir iranlı kimi də məni razı salmağa çalışırdı. Doğrudan da, bu böyük bir xidmət idi. Bununla biz seçkilər zamanı rus tərəfdarlarının məclisə seçilməsi işinə lazımi qədər əngəl törədə bilərdik. Bu barədə Təbriz xalqına müraciətnamə yazmaq və Hacı Səməd xanın son fırıldaqlarını ifşa etmək qərarına gəldim. Faytonumuz «Acı çay» kənarına yaxınlaşırdı. Böyük, kiçik, kişi və qadın tamamilə «Acı çay» kənarı tərəflərində idi. «Əmir bağı», «Çeşməli bağ», «Daş qapılı bağ» və sair bağların ətrafında gəzənlərin həddi-hesabı yox idi. Söhbətimiz şirin olduğu üçün uzun yolları nə cür gəldiyimizi bilməmişdik. Mən Məşədi Kazım ağanın faytonçu ilə göndərdiyi məktubu, ancaq «Çaharrah» qəbiristanından keçərkən açıb oxudum. «Əziz yoldaş! Faytona yemək qoymadım. Siz gəzmək üçün söz yoxdur ki, «Üç dəyirmanlar» və «Yekə dükanlar» qabağına gedəcək, səyahətdən qayıdarkən naharı Hacağalar bağında yeyəcəksiniz. Əqəl Kazım». «Acı düz» atlılar və piyadalarla dolmuşdu. Yarışa bir çox qiymətli atlar çıxarılmışdısa da, işdə böyük bir təşkilatsızlıq nəzərə çarpırdı: hər kəs istədiyi adamla yarışırdı. Burada, hər şeydən artıq, iki yüz nəfərə yaxın olan Marağa atlılarının həyasızlığı nəzər-diqqəti cəlb edirdi. Miss Hanna bağların ətrafında əyləşib kef edənlərə baxmaqdan yarışa tamaşa etməyi üstün tuturdu. Buna görə də faytonun başını çevirib bağların yanına qayıtdıq. Tiryək çəkənlər, oxuyanlar, çalanlar və şərab içənlər dəstəsi süfrəsini göy otların üstündə salıb oturmuş və yoldan ötənləri öz süfrələrinə dəvət edirdilər. Biz saat üç tamamda Hacağalar bağının qabağında idik. Tütünçüoğlu yol üstündə durub bizi gözləyirdi. Onu da yanımıza alaraq Hacağalar bağına apardıq. Mən bu bağı görməmişdim. Doğrudan da, bağın gözəlliyi məni heyrətə saldı. Xüsusən miss Hanna əlvan çiçəklər örtüsünə bürünmüş meyvə ağaclarını gördükdə, bağdan qalxan xoş rayihəni udmaq üçün bir neçə dərin nəfəs aldı. Məşədi Kazım ağanın nahar süfrəsi, izdihamdan çox kənarda, xiyabanda düzəlmişdi. Xiyabanın hər iki tərəfini yeni açılmaqda olan xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. Məşədi Kazım ağanın gördüyü bu hazırlıq bizi tamamilə heyrətə saldı; evdə düzələ biləcək bir nahar süfrəsi üçün hər nə mümkünsə, burada hazır idi. Süfrəyə düzülmüş yeməklərin bir çoxunun adını eşitməmişdim. Amerikalı qız: – 41 cür! – deyərək, süfrədə olan yeməkləri göstərdi. Doğrudan da, Məşədi Kazım özünə milyonlar qazandıran və özünün bundan heç də xəbəri olmayan amerikalı qızın şərəfinə təntənəli bir nahar ziyafəti düzəltmişdi. O, qıza müraciətlə: – Kiçik xanım bağışlasın, bu nahar süfrəsi ona layiq deyildir; hərgah bir gün əvvəl xəbər vermiş olsaydı, layiqli bir ziyafət düzəldərdim, – dedi. Qız hansı tərəfə baxacağını bilmirdi. Mütrib Məcid ağanın oxuması və oynaması onun nəzərini ən çox cəlb edirdi, çünki o, Şərq kitablarında oxuduğu mütribi ancaq indi canlı həyatda görürdü. – Bu nə qədər yüksək bir sənətdir! – dedikdə mən: – Hələlik Şərqin incəsənəti, özünü toylarda, oyunlarda və küçə əyləncələrində göstərir, – dedim. – Əslən çox zəngin olan Şərq incəsənətinin bütün yüksəkliyini və məziyyətini yalnız onun təşkil olunduğu və səhnələrə keçirildiyi vaxt görmək mümkün olacaqdır. – Bəs nə üçün bu mütrib qadın paltarı geymişdir? – Çünki Şərqdə qadınlar açıq deyildir. Kişilər cəmiyyətdə açıq qadın görmədiyindən, gənc oğlanların qadın libasına girməsi tamaşaçı üçün maraqlı olur. Zənnimcə, Şərq kişiləri, incəsənət səhnəsində açıq qadının çıxışını gördükdən sonra, mütrib məclisləri get-gedə öz nüfuzunu itirəcəkdir. Şərq kitablarında, xüsusən incə söz ustadı Hafiz və Xəyyamın əsərlərində göstərilən mütriblərə gəldikdə, onlar sənin gördüyün bu mütriblərdən deyil. Mütrib – tərəb sözündəndir, şadlıqverici və incəsənətin yüksək nümunələrini göstərən deməkdir. Lakin söz təhrif edilərək mütrib adı, əxlaqı pozulmuş və şəhvət aləti kəsilmiş ünsürlərə verilmişdir. Miss Hanna: – Yaxşı oldu ki, bu gün sən məni başqaları ilə səyahətə getməyə qoymadın. Yoxsa mən bu gözəl əyləncələrin zövqündən məhrum olacaqdım! – dedi. – Orijinal Şərqi və orijinal Şərq alətlərini görmək nə qədər nəşəlidir. Bu vaxt bizə bir dəstə qaraçı qızı yanaşdı, dəfələrlə oynadıqdan sonra da, əllərini açaraq pul istədi. Gənc və gözəl bir qaraçı qızı da miss Hannaya yanaşaraq: – Gözəl qız, – dedi, – nəzərini qoy ovcuma ürəyindəkiləri deyim. Mən bunu miss Hannaya anlatdım. O, iki qran çıxarıb qızın ovcuna atdı. Qaraçı isə miss Hannanın barmaqlarından tutaraq əlinin içinə baxdı və onun qəlbindəkiləri danışmağa başladı: – Gözəl qızsan, canların canına, dünyanın malına dəyərsən. Qəlbində bir dərdin vardır. Amma onu heç kəsə inanıb deyə bilməzsən. Özün çox qəlbinaziksən; hamını da elə bilirsən. Sən birisini sevirsən, o da səni sevir; arada düşmən əli var; dalınca zəhərli dillər danışır, səni bir qorxu gözləyir, amma sən o qorxudan qurtaracaqsan. Əlin açıqdır, hər kəsə yaxşılıq edərsən, amma əvəzində yamanlıq görərsən. Evində çörəyini yeyib dalınca danışanlar vardır. Özün gözəlsən, bəxtin yoxdur. Bir qaragözlü arvaddan qorx! Gözəl qız, dünyanı bal eləyib xalqa yalatsan, axırda yenə sənin barmağını dişləyərlər... Qaraçı qızı ümumi sözlərdən yüzlərcə saydı, miss Hanna isə qəhqəhə ilə gülərək: – Elə bil bu sözləri Şümşad xanımdan öyrənmişdir, – dedi, – o da mənə fal açanda həmin sözləri deyirdi. Bu da qurtardı. İndi də durub bağı gəzməyə başladıq. Hər bir dəstənin yanından keçərkən, bizi hörmətlə süfrəyə dəvət edirdilər: – Bu həqir süfrəmizi müzəyyən buyurun! – Xidmətinizdə ola bilərik! – Bizi sərəfraz buyurun! – Bizimlə də bir parça nan-pənir meyl buyurun. – Əziz qonağımız ola bilərsiniz. – Bu kasıb oğlanlarla da bir neçə dəqiqə vaxt keçirin! – Özünüz, qardaşımız, xanımınız isə bacımızdır, əyləşin, başımızı uca edin! Bir nəfər məni görürkən başına hərəkət verərək bu şeiri oxudu: «Qovtim bahar ayəd eyşi bekonim, Səd bar bahar ayəd bi ma güzərəd». Biz sərxoşluq edən dəstələrin də yanından keçirdik, onların danışıqları başqa məzmunda idi: – Qafqazlısan, namusuna qurbanam! – Kişisiniz, sizə nökərçiliyimiz vardır. – Allah mənə ölümü Bakıda qismət eləsin! – Qurbanam sizə. Qoyun heç olmasa bir saatlığa dünyanı yadımızdan çıxaraq. Onlardan biri piyaləsini mənə göstərib dedi: – Sizin və Səttar xanın şərəfinə içirəm, tüfəngi qoyub gilası götürmüşəm, vaxt olar ki, yenə də tüfəngi ələ alarıq. Oradan sürətlə ötüşdük. Axşam saat səkkizə qədər bağı gəzdik. Sonra faytonlara oturub şəhərə qayıtdıq. Mən Tütünçüoğluna sabah axşam qaraçı evindəkiləri öyrənməyə gedəcəyimizi xəbər verib ayrıldım. * * * Tiryək məclisi Biz «Qaraçı məhəlləsi»nə girənə qədər, ancaq bazar qarovullarının: – Kimdir o? – Tərpənmə, pişto açıldı! – Əlini qıfıla uzatma! – Ayığam! – deyə, çığırdıqlarını eşidirik. «Qaraçı məhəlləsi»nə girdiyimiz vaxt səslər tamamilə dəyişdi: burada kamança, dəf, tar, dünbək və ney səsləri ucalırdı. Hər evdən bir cür nəğmə eşitmək olardı: Birisində: «Gedirəm Bağdada mən, Yar əlindən dada mən». İkincisində: «Gedirəm Sərdəştə mən, Olmuşam sərgəştə mən». Üçüncüsündə: «Keçirdim küçədən dindirdi məni, Açdı gül camalın güldürdü məni». Dördüncüsündə: «Görüm xarab olsun Şəşgilan yolu, Gedəndə boş gedər, gələndə dolu!» kimi nəğmələr oxunurdu. Təbriz gecəsinin sakit qulaqlarında, təbrizli Hümmanın: «Təbriz mara, bacayi can xahəd bud, Hər ləhzə mara virdi zaban xahəd bud. Ta dərnakəşəm abi Cərəndab, Gecil, «Sürxab» ziçəşmi mən rəvan xahəd bud!» rübailəri canlanırdı. Şümşad xanımın qapısı bağlıydı: içəridəki sərxoşların səsi və mənasız sözlərin gurultusu eşidilirdi. Tütünçüoğlu divardan düşüb qapını açdı, həyətə daxil olduq. Evin qapısını həyətdən bağladıq. Yenə də arxayınlıq üçün həyəti aradıq və orada heçə kəsi görmədik. Otaqda Qulusultan, Nayib Cavad, Mahmud xan, Rəfizadə, Abasxan bəngi, Əfəndi tiryəki, Yasınxan tarçı və başqaları vardı. Qızarmış manqallar aralıqda idi. Hər kəsin başı bir qadının dizi üstündə, qadınların əlində maşa, tiryək hoqqalarını alışdırırdı. Bu gün yenə də Şümşad xanım Mahmud xanın qucağında idi. Mahmud xan sərxoş idi: – Ay yalançı cində, bəs sarısaçlı amerikalı qız harada qaldı? – dedikdə qaraçı qızı əlini onun qırxılmış başına çəkərək: – Sənə qız gətirəcəyəm ki, – dedi, – göz muncuğundan incədir, kor gözə qoysan açılar, üzünə milçək qonsa ayaqlarının yeri qalar, gözlərinin giləsi yetişmiş sarı gilas danəsinə oxşayır. Telləri elə bil gülabətindir. Belə bir gözəli tapmaq çox çətindir. Əndamı şəkər, dili qaymaqdır, barmaqları elə bil ki, bir dənə konfetdir. Hələ onu güləndə görəsən, danışanda eşidəsən. Budur bax, şəklini də çalıb gətirmişəm. Şəkli çıxarıb Mahmud xana verdi. O, beş dəqiqə şəklə baxdı, onu sinəsinə basdı, dodaqlarına apardı. Otaqdakıların hamısı şəkil ilə maraqlanır və baxmaq üçün onu Mahmud xandan istəyirdilər. Lakin Mahmud xan onu əldən buraxmırdı. Axırda Rəfizadə: – Cənab Mahmud xan, bizim qızın şəklini buraxın bura, canın üçün başdan ayağa tiryək məzəsidir. Sağlıq olsa onu da burada görəcəksiniz. – dedikdə Mahmud xan: – Siz öləsiniz bütün Təbrizə dəyər! – dedi və sonra da Rəfizadəyə müraciət edərək: –Ay heyvan, – dedi, – sən heç utanmırsan o ponza bığlarını ağ çiçəyin üstünə qoymaq istəyirsən? Rəfizadə: – Cənab Mahmud xan, sən məni qızın gözündə görməlisən. O həmişə məni «möhtərəm cənab» deyə çağırır, – dedikdə, Qulusultan: – Sənə deyirəm şəkli ver bura görüm! – dedi, – şəkli alıb baxdı və Rəfizadəyə dönərək: – Bunu mənsiz yeyənin bığını kəsərəm! – dedi və Xoşu xanımın dodaqlarından öpdü. – Döyüşməyin, hamınıza kifayət edər. Onu gətirəcəyəm. Qulusultan: – Əvvəlcə mənimdir, – dedikdə, Mahmud xan qışqırdı: – Birinci mənəm, ikinci sən, üçüncü Nayib Cavad, dördüncü Rəfizadə. Mahmud xan əlindəki hoqqanı sümürüb səsləndi: – Ağayan, mən bürəftəm. Otaqdakıların hamısından bu səs çıxdı: – Ağayan, ma həm bürəftim. Hoqqaları sümürməyə başladılar. Çar Təbrizinin «qəhrəmanları» var qüvvələri ilə tiryəkin tüstüsünü sümürüb evin mühitinə püskürürdü. Tüstü evi elə doldurdu ki, bir ara evin içində heç bir şey görünmədi, yalnız səslər eşidildi. Az keçəndən sonra şüurlar uyuşmağa, səslər də qarışmağa, anlaşılmamağa və danışıqlar sayıqlamaya oxşamağa başladı: – Bütün kainatı gözümün bir giləsində yerləşdirmişəm. – Mən dünyada yerləşə bilmirəm, amma dünya məndə yerləşə bilər. – Məhəmmədəli şah döşəyimin altına girib padşahlığını axtarır. Taxt Xoşu xanımın başında, tac mənim altımdadır. – Bu sözləri Mahmud xan deyirdi. – Başını əy! Buludlar alnını parçaladı, a gədə, yavaş sür! Ulduzlar eşşəyin ayağına dolaşanda börküm düşür, ayağımı üzəngiyə qoymağı görəcəksən. – Bu sözlər də Qulusultanın sözləri idi. – Dünya gör nə qədər nazikləşmiş ki, hoqqanın deşiyindən girib, çubuğun içərisi ilə qalxır və beynimə gedir, dünyanı uduram... – Mən nə qədər alicənabam. Çəkil o tərəfə, böyrümü yaxşı sürt. O suyu kəs! Corabım islandı. – Olmaz! Vücuduma mələyikələrin qanadları toxunanda yata bilmirəm. Həsənəli məni tut, deyəsən, bu körpü tərpənir. Qıdığım gəlir. – Abiduğ? Baba bu nədir? Ayağını çək o yana! – A qız, diş çöpü gətir, o dağı börkümün təpəsindən götürüb at. – Əlli dörd padşahın iltimasını gətiribdir. Açın qapını girsinlər, zənən xeylağıdır, başmaqları dəyişikdir. – Əlimdən öpmək olmaz, barmağıma fındıqca qoymuşam. – Məmləkət mənimdir, istəsəm qoyaram, istəməsəm yox! – Qapının kilid yerindən çıxıb getdim, əlimi atan kimi ayın başı keçdi əlimə. Gədə köpəkoğlu, mən kəllə yeyən adamam? – Çəkil o tərəfə üzürəm. Pərdəni sal gün gözümə düşür, gədə, qətifəni gətirin. Ülgücü düzəltməmisən namərbut. – Ağırlaşmışam, yer əyildi, bu tərəfimdə otur, gədə, əl suyunu biləyimə nəyə tökürsən? – Evin səqfi yavaş-yavaş qalxır, göyün dəryaları axıb manqalın üstünə tökülür, birçəklərimi dara. – Hələ səbir elə. Gədə, Məmmədqulu, aftabanı gətirib təharətimi tut! Fitəmi bağla! – Tərpənmə, düşərsən. Yer dönür, qazançanı başımdan çıxar! – Nasirul-islam nə zənqəhbədi? Köpəkoğlu Musa xan qəlyanı susuz gətiribdir. Səslər get-gedə azalır, nəşələr yuxu şəklini alır, otaqdakılar sanki tiryək tüstülərinin yorğanı altına girib uyumağa başlayır. Biz ancaq qadınların manqalları dəhlizə daşıması və yorğanların tiryək çəkənlərin üstünə salınmasını görürdük. Saat üçdə oradan qayıdarkən, Tütünçüoğluna qaraçı qızlarını təqib etmək işini tapşırdım. Bu sözüm üzərinə Tütünçüoğlu dərin bir ah çəkərək dedi: – Mənim bəxtim beledir. Mən gəncliyə ayaq qoyduğum gündən bəri bu qaraçı fahişəsinin dalınca gəzirəm. Hələ məşrutə-zad yox idi. Mən də məhəllədə bir iyid sayılırdım. Haman bu Hüsni xanım da Külçətəpə kəndindən təzəcə köçürülüb ata-anası ilə Təbrizə gəlmişdi. Az bir zaman içində qaraçı qızının gözəlliyi bütün Təbrizdə məşhur oldu. Təbriz cayılları hər yerdən axışıb «Qaraçı məhəlləsi»nə gəlirdi. Lakin bir nəfər də olsa onun üzünü görə bilmədi, çünki mollalar, müctəhidlər, əyan, tacir, mülkədar və hökumət məmurlarının ona verdiyi para, Təbriz cayıllarının heç birisində tapılmazdı. Bir gün həmin bu yerdə iki Qələ cayılı ilə bərk vuruşmamız düşdü. O zaman hələ naqan-zad yox idi: yanımda ancaq bir dəşnəm, iki dənə də piştov var idi. Bir piştovu boşaldıb qaçdım, gördüm ki, dalımca gəlirlər, o biri piştovu da boşaldıb aradan çıxdım. Bir azdan sonra dönüb arxama baxdıqda, hələ havadan əski parçaları yağırdı. Məni burada gülmək tutudu, Tütünçüoğlundan soruşdum: – Bunları nə üçün Külçətəpədən Təbrizə köçürdülər? – O zaman belə bir xəbər çıxdı. Guya Külçətəpə kəndi Kərbalaya gedən yolun üstündədir. Bütün zəvvarlar orada mənzil etməyə məcburdur. Bu kəndin xalqı isə tamamən qaraçıdır. Onlar zəvvarları yoldan çıxarırlar, bir çoxunu qorxulu xəstəliklərə salırlar. Belə bir qəzavü-qədər də Təbriz müctəhidi hacı Mirzə Həsən ağanın başına gəlmişdi. O, Kərbəlada bütün müctəhidlərlə görüşüb Müzəffərəddin şaha bir ərizə vermiş, külçətəpəlilərin oradan köçürülmələrini xahiş eləmişdi. Buna görə də Külçətəpə və Tikantəpə qaraçıları köçürüldüyü vaxt bir neçə ev də Təbrizin hissəsinə düşmüşdü. Bu gün Təbriz qadınlığı adına bütün fisqfücuri törədən haman qaraçı qadınlarıdır. * * * Ziyarətgahlar və siğəxanlar Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi. Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş. Hələ süfrə döşənməmiş, Tütünçüoğlu qapını açıb içəri girdi. Mən ona müraciətlə: – De görüm, nə iş gördün? – dedim. – Amerikalı qızın ətrafındakıları lazımı qədər təqib edə bildinmi? Tütünçüoğlu: – Səhər azanından indiyə qədər dilimə heç bir şey dəyməmişdir, qarnımı düzəltməmiş danışa bilməyəcəyəm! – dedi. – Axşama qədər qaraçı fahişələrinin dalınca gəzmişəm. O, plov nimçəsinə hücum etdi, bərk acdığından nə cürə yeyəcəyini də unutmuşdu. Xörəyi ikiəlli yeyirdi. Plovun xuruşunu, höyücunu bir-birinə qatmışdı. Onun plova vurduğu şapalaqlar o qədər tamaşalı idi ki, biz hamımız əlimizi xörəkdən çəkib ona baxırdıq; o isə vecinə almır, hərdən bir: – Bu saat qurtarıram, – deyir, sonra yenə də başını məcməyinin üstünə əyirdi. Beləliklə, duzdan başqa məcməyidəkilərin hamısını təmizlədi, özünü düzəldib belini boşaltdı, bir nəfəs aldı və reyhan toxumu ilə qayrılmış şərbətdən də bir-iki stəkan içdi, bir neçə yol gəyirib rahatlandıqdan sonra nazik bığlarını sığallayıb başladı: – Yaxşı qulaq asın. Sizə yaxşı qəmədiyə nağıl edəcəyəm. Görün bu gün mənim başıma nə gətiriblər. Səhər azanına bir az qalmış yuxudan ayıldım. Yadıma düşdü ki, qardaşın tapşırığına görə, qaraçı qızlarını təqib etməliyəm. Tez qalxdım, üzümü yudum, küçəyə çıxdım. Küçədə yalnız mürgüləməkdə olan qarovulları, bir də qüsl üçün hamama yüyürən möminləri görürdüm. Mən qaraçılar dərbəndinə girərkən kibrit çəkib saatıma baxdım, sübh azanına az qalırdı. Qaraçı qızının qapısını kəsdim. İçəridəki kef məclisi təzəcə qurtarırdı. Qulaməli və Məcid mütrib hamıdan əvvəl çıxıb getdi. Bundan sonra Məcidin aşığı Hacı Ələkbər kampaniyası dışarı çıxdı. Bu zaman həzrət Sahib məscidinin minarəsindəki azançı: «Lailahə illəllah» – deyib qışqırmaqda idi. Hacı Ələkbər əlini saqqalına çəkərək: – Lailahə illəllah, həqqən həqqa, – deyə salavat çevirdi və dua oxuya-oxuya qaraçı qapısından uzaqlaşdı. Ən sonra Mahmud xan çıxdı. O, sərxoş idi, bir neçə qadın da bir-bir çıxıb hərəsi bir tərəfə qaçdı. Hamısının üzündə rübənd var idi. Gündüz saat 11 tamama qədər qapının ətrafında gəzib dolaşdım. Saat 11-də qaraçı qızı, yanında da Yasın xan dışarı çıxdı. Dallarınca düşdüm. Onlar getdikcə mən də getdim. Ağa, nə başınızı ağrıdım, onları Ermənistana qədər gətirdim. Yasın xan «Sona bacı»nın meyxanasına girdi, qaraçı qızı isə həyətə daxil olub oradan dal qapının vasitəsilə meyxananın içəri otağına daxil oldu. Mən bir saata qədər orada gəzdim. Bir gözüm meyxana qapısında, o biri gözüm isə həyət qapısında idi. Saat birdə onlar yenə də ayrı-ayrı qapılardan çıxdılar. Yasın xan fırlana-fırlana bir tərəfə, qaraçı qızı da başqa tərəfə hərəkət etdi. Mən qaraçı qızının dalınca düşüb düz doğru «Seyid İbrahim» məqamına girdim. Qadın orada durdu, mən də dayandım. Bu qadın nə üçün içəri girmir? – deyərək fikrə getmişdim. Dedim ki, yəqin bu bir adama vədə vermiş və burada durub onu gözləyir. Bir də gördüm ki, «Seyid İbrahim» məqamının mücaviri (xidmətçisi) molla Sadıq ziyarətgahın qapısından çıxdı və qaraçı qızına işarə olmaq üzrə əlini saqqalına çəkdi. Qaraçı qızı onu hesaba almayıb ziyarətgaha girmədi, molla Sadıq ikinci dəfə çıxıb əlini saqqalına çəkdi, bu dəfə hələ bir göz də basdı, başına hərəkət verdi. Müxtəsər, cürbəcür oyunlar çıxardı, amma zalımın qızı yerindən tərpənmədi ki, tərpənmədi. Bir saatdan sonra, qaraçı qızına rübəndli bir arvad yaxınlaşdı. Hər ikisi birlikdə ziyarətgaha doğru irəlilədilər. Onlar bir-biri ilə danışmırdılar. Məqbərəyə girdilər, dallarınca mən də içəri soxuldum. Onlar ziyarət məhəllinə girməyib, birbaş molla Sadığın otağına tərəf getdilər. Mən kənarda durub gözümü otağın qapısına zilləmişdim. Məndən başqa yenə də duranlar var idi, gözləyən, görüşən qadınlar, kişilər, həddindən artıq idi. Məni bağışlayın, bu müqəddəs fahişəxanada böyük bir alış-veriş gedirdi. Yarım saatdan sonra «Seyid İbrahim» qəbiristanında Quran oxuyan molla Ələsgər də həyətə girdi. O tərəf-bu tərəfi gözdən keçirdi və molla Sadığın otağına soxuldu. Mən yenə də durub qapıya baxırdım. Məndən bir az o tərəfdə, ölüyuyan Hacı Əhməd də durub arvadlar girən qapıya tərs-tərs baxırdı. Amma o öz halında deyildi: tez-tez çubuğunu doldurur və boşaldırdı. Hacı Əhməd də, mən də durmaqdan təngə gəlmişdik. Bir çox fasilədən sonra qaraçı qızı ilə bərabər Əsgər Davatgəroğlu molla Sadığın otağından çıxdı. Mən görünməmək üçün özümü tələsik gizlətdim. Amma onların hamısını görürdüm. Hacı Əhməd çubuğunu qaldırıb qaraçı qızı Şümşad xanımın üstünə hücum etdi: – Qaraçı qəhbəsi, sənin saçlarını kəsdirəcəyəm. Mənim arvadımı yoldan çıxardıb bu cür lotulara satırsan?! – dedikdə Davatgəroğlu: – Kəs səsini tiftək çakəş! – dedi. – Bu saat bığlarını kəsərəm. Bu halda molla Sadıq və molla Əsgər də Hacı Əhmədin arvadı ilə bərabər otaqdan çıxdılar. Həyətdə qiyamət qopmuşdu, Hacı Əhməd irəli atılıb molla Sadığa bir şillə vurdu və: – Köpəkoğlu, həzrətin məqamın lotuxana qayırmısan? – dedi. – Bu saat gedəcəyəm Hacı Şücaüddövlənin yanına. Bu halda Quran oxuyan Molla Əsgər Hacı Əhmədi yaxaladı və: – Bu saat mənim on beş tümənimi ver! – dedi. – Mənə sənin müamilən də lazım deyil. Biqeyrət, şahi-şahi Quran oxuyub sənə pul vermişəm. Bu saat əbanı və börkünü götürəcəyəm! Onlar vuruşurdu, molla Sadıq isə camaata dönərək təəccüblə deyirdi: – Ay camaat! Mən nə bilim ki, o bunun arvadıdır. Yanınca da bir Allah bəndəsi gətirib Əsgər Davatgəroğluna siğə oldu. Molla Sadıq Hacı Əhmədi məzəmmət edərək: – Adamın imanı pak olar. Həzrətin məqamına lotuxana demək müsəlman ağzının sözü deyil. Bu saat şalını boynuna dolayıb Hacı Şücaüddövlənin yanına çəkərəm. İnqilabçı məlun! Molla Sadıq Hacı Əhmədə inqilabçı adı verib onu qorxutdu, Hacı Əhməd ağladı və geri dönüb getdi, arvadı isə çoxdan əkilmişdi. Əsgər Davatgəroğlu ilə qaraçı qızını Bağ meşə qapısındakı tiryəkxanaların yanına qədər təqib etdim. Burada Əsgər Davatgəroğlu qaraçı qızına pul verdi, mənçə, o pul qaraçı qızına Hacı Əhmədin arvadını aldadıb gətirməsi üçün zəhməthaqqı kimi verilirdi. Qaraçı qızı Davatgəroğlundan ayrıldıqda: – Xəsis haramzada, bir də yaxşısını görməzsən! – dedi. Daha demə haramzadanın qızı bura çatan kimi cibindən rübəndini çıxarıb üzünə salıbdır. Nə isə, birtəhər onu tapdım, başmağının üzündəki qırmızı ipəkdən tikilmiş gül onu uzaqdan mənə nişan verdi. Qaraçı qızını gəzdirə-gəzdirə həzrəti Sahib meydanına gətirdim. Burada azca qala onu gözümdən itirəcək idim. Sahibüləmr məscidinin həyəti və içərisi hər günkündən qələbəlik idi. Qaraçı qızı içəri soxulmağa tələsirdi. Mən də özümü birtəhər içəri sala bildim. Həyətdə arvad, kişi bir-birinə qarışıb qiyamət qopmuşdu. Qaraçı qızı da, mən də bununla maraqlanırdıq. İkimiz də irəli soxulduq. Xalqın arasında bir öküz vardı. Məscidin nəqibi aralıqda durub deyirdi: – Ey camaat, möcüzədir. Möcüzədir. Öküzün quyruğunda bircə dənə də olsa tük qalmamışdı; arvadlar tükləri dartıb qoparmışdılar. Bəziləri üz-gözünü öküzün bədəninə sürtürdü. Gülməli burası idi ki, bir hamilə qadın da xəlvətə salıb, qarnını öküzün qarnına sürtürdü; şübhə yoxdu ki, o öküzdən oğlan uşağı istəyirdi. Mən bunlara tamaşa etməklə bərabər yenə də qaraçı qızını gözdən qoymurdum. O da öküzdən bir tük qopardı. Öküz isə bu işlərə heç də əhəmiyyət vermirdi. Onun qabağına yonca və ot yerinə yeməli göyərtilər tökülürdü, dükanlarda satılan səbzilərin hamısı öküzün qabağında idi. Öküzün möcüzü belə başlanmış imiş. Öküzü qəssablar kəsməyə aparırmış, həzrət Sahib meydanında dərviş nağılına qulaq asmağa yığılan uşaqlar hay-küy salıb öküzü hürkütmüş, öküz qaçmış, girməyə boş yer tapa bilmədiyindən özünü məscid həyətinə salmış, buna görə də məscidin nəqibi səsləyib deyirdi ki: – Bu heyvanın əti haramdır. Bunun başına bıçaq çəkmək olmaz. Qəssablar nə edə bilərdilər? Onlar öküzdən əl çəkib getdilər. Qaraçı qızı oradan ayrılıb iki qoca arvadla görüşdü. Hər üçü orada durub, kimi isə gözləyirdi. Yarım saatdan sonra, onlara iki nəfər cavan oğlan yaxınlaşdı. Onlardan biri qoca arvadların birinə yanaşıb danışdı və qaraçı qızına işarə elədi, bundan sonra qaraçı qızı rübəndin altından üzünü oğlana ötəri göstərdi. Oğlan bu dəfə razı qaldığını bildirir bir hərəkətlə başını salladı: cibindən çıxardığı pulları qoca arvada verdi. Burada mən bildim ki, qoca arvad qaraçı qızını oğlana siğə etdirəcəyinə görə dəllallıq haqqı aldı. Acmışdım, yorulmuşdum, amma bu hekayətlər mənə hər şeydən artıq ləzzət verirdi. Onların dördü də öz yerində durmuşdu, yenə də gözləmələri var idi, çünki oğlanların o birisi üçün də siğə lazım idi. Qoca arvad onlardan ayrılıb məscidə girdi, bir azdan sonra bir cavan qadınla qayıtdı. Bu qadın da öz qaydasınca üzünü açıb oğlana göstərən zaman, onun qaraçı qızı Xoşu xanım olduğunu bildim. Oğlan əlbəttə, onu bəyənəcək idi, çünki Xoşu, Hüsni xanımdan yüz qat gözəldir. İkinci oğlan da qoca arvadın dəllallığını verdi. Onların dördü də siğə oxutdurmaq üçün axundun otağına girdi. Mən də içəri girdim, buna kimsə mane deyildi. Ətrafımı onlarca qadın aldı. Biri qızının, o biri bacısının, xalası qızının, bibisi qızının siğə olmaq istədiyini bildirir və mənə cürbəcür qadınlar göstərirdilər. Mən özümü itirmişdim, nə edəcəyimi bilmirdim. Siğə olub siğə eləyənlər qoşa-qoşa durmuşdu. Onların dəllalları da yanlarında idi. Siğə oxutdurmaq üçün növbət saxlamışdılar. Dışarıda dəllal sifəti ilə qadın ticarəti edən bu qoca qarılar, içəridə isə siğə olanların anaları, xalaları, bibiləri adlanırdı. Tək durmaq mümkün deyildi. Çox vaxt durmaq da lazım gəlirdi; çünki Xoşu xanımla Hüsni xanımın siğə növbəti hələ yetişməmişdi. Qoca qarılardan birisi mənə yaxın gəlib dedi: – And olsun bu binanın sahibinə, əlimdə bir qız vardır ki, üzünə gün düşməyibdir. Elə qızdır ki, üzünə milçək qonsa ayağının yeri qalar. Sən bir o bucaqda duran qızın boyuna bax. Boy deyəsən sərv ağacıdır. Hələ bir yanaqlarını görəsən, dodaqlarını görəsən, qara gözlərini görəsən, hələ onun danışdığını eşidəsən. Hələ onu soyunub yorğan döşəyə girəndə görəsən! Mən bucaqdakı qara atlas çarşaflı qadına baxanda, o da üzünü açdı; doğrudan da, gözəl idi. Qadın tanış idi. O mənə yaxın gəldi, eşiyə çıxıb səkinin üstündə oturdu, söhbətə başladıq; amma gözüm siğə otağının qapısında idi. Hüsni xanımı güdürdüm. Qarı dörd kərə eşiyə çıxıb bizim yanımıza gəldi və: – Tez olun, durun gəlin, növbət saxlamışam, vaxtdır, – dedikdə, – biz bir az da səbir elə, – deyib onu qaytardıq. Axırıncı dəfə qarı çıxıb məndən dəllallığını tələb elədi, mən isə: – Hələ sövdəmiz qurtarmayıbdır! – dedim. Qarı getdi, yenə də qayıtdı. – İndi ki, sövdəniz bitməmişdir, qızı burax gəlsin, – dedi, – yaxşı müştəri var, özü də burada oturubdur. Mənim ruzuma mane olma. Kasıb arvadam. Mənim də işim budur. Yanımda oturan və mənə siğə olmaq istəyən cavan arvad üzünü qarıya tutub dedi: – Mina bacı, səbir elə, oğlan xoşuma gəlir. Eybi yoxdur, sənin iki qranını özüm verərəm. Bu sözdən sonra qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı. Hər tutduğu qadının üzünü açıb baxırdı. Çirkin olanlara: – Mənim müştərim yoxdur, – deyib, başından rədd eləyirdi. Bu qarı yenə bizdən əl çəkmədi, çünki yanımda oturan qadın, gənc və gözəl idi. O bu qadından heç olmasa bir gündə neçə kərə dəllallıq alacaq idi. İrəli gəldi və: – Nə deyirsiniz? Növbət sizinkidir. Bir də növbəti buraxsanız, axşama qalacaqsınız, – dedikdə qadın: – Cəhənnəm ol, qoca kaftar! – dedi. – Yaxamızdan əl çək, getmirəm, özüm billəm! Bir də mənim yanıma dolanma! Sənsiz də mən özüm adam tapıb siğə ola bilərəm. Qarı acıqlandı. – Axmaq! – dedi. – Qəhbəliyi də bacarmırsan. On beşcə tüməni bir çeynəm saqqız kimi ağzından çıxardıb atmaq istəyirsən. O, çəkilib getdi. Yanımdakı qadın da üzünü tamamilə açıb danışırdı. Mən onu yaxşı tanıyırdım. Bu Səttar xan vaxtında qaradağlıların mənfəətinə işləyən çopur Səlimə idi. Göy məscid səngərlərindəki mücahidlərlə görüşmək bəhanəsi ilə gəlir, səngərləri və qüvvətimizi öyrənib qaradağlılara xəbər aparırdı. Nəhayət, biz onu günün birində tutub başını qırxdıq, özünü də çılpaq soyundurub eşşəyin üstünə sarıdıq, təqsirini yazıb döşünə yapışdırdıq və Xiyaban məhləsinə buraxdıq. Müxtəsər söz, biz haman çopur Səlimə ilə durub otağa girdik. Biz ora girdiyimiz zaman siğə növbəti qaraçı qızı Hüsni xanımın idi. İndi onun adı Gülbər xanım Məşədi İmamverdi qızı idi, ərini də inqilab zamanında məşrutəçilər öldürmüşdü. Onu siğə edən kişi isə Məhəmməd Xanəli oğlu adlı bir adam idi, siğə onun üçün on tümənə başa gəlmişdi. Mollanın dodaqları bir-birinə dəydi, hökmi-şəri verildi, iki qran siğə oxumaq haqqını alıb üstündə oturduğu qoyun dərisinin altına atdı. Qaraçı qızı da 10 tümən siğə haqqını qabaqcadan aldı, puldan qoca arvada bir şey verdi. Qaraçı qızı və siğə oxutduran kişi durub Xoşu xanımın siğə olub qurtarmalarını gözləyirdi. Onlar hara isə birlikdə gedəcəkdi. Xoşu xanımın işi bir az təxirə düşmüşdü, bir nəfər marağalı növbət xaricində gəlib bir qadının siğəsini özünə oxutdurdu. Durub gözləyirdilər, mən də kənarda durub çopur Səlimənin əlindən nə cür qurtaracağımı fikirləşirdim. Çopur Səlimə mənə bənd olmuşdu, o, üzünü tamamilə açıb mənə göstərir və yalvarır, mənim ilə həmişəlik yaşamaq istədiyini bildirirdi. Bu halda, onu mənim yanımdan dartıb apardıqlarını gördüm. – Gəl, haramzada köpəkqızı, – dedilər, – Allahın əmri, peyğəmbərin şəriəti ilə siğə olub sonra da qaçıb gizlənirsən? Bunlar çarpışa-çarpışa həyətə çıxdı. Çopur Səliməni bir başqası da yaxaladı. Sonradan məlum oldu ki, çopur Səlimə gündə bir neçəsinə siğə olaraq aranı qarışıq salır və qaçıb gizlənirmiş. Onu siğəyə vermək üçün çalışan qoca qadın da ona yanaşdı və söydü. – Belə olar, çopur köpəyinqızı, gör hələ sənin başına nə iş gətirəcəyəm! Sənin buradan qaçacağını salacağam, bir də sən ayağını bu həyətə basa bilməyəcəksən! Bu vaxt Xoşu xanım da siğə olub qurtarmışdı, gəlib Hüsni xanım və onun birgünlük ərinə qoşulub çopur Səlimənin büsatına tamaşa edirdilər. Ucadan bir qadın səsi eşitdim: – Vay, balamın evi yıxıldı! – dedikdə hamı dönüb qadına baxdı. Hüsni xanım və Xoşu xanımın ərləri də dönüb haman səs gələn tərəfə baxdıqda, siğə olan qaraçı qızları, mənim öz gözüm görə-görə ağ rübəndləri gizlədib, ziyarətə gələn seyid qızları kimi üzlərinə yaşıl rübənd saldılar. Siğə verən qoca qadınlar da çoxdan bəri aradan çıxıb getmişdi. Siğə edən kişilər dönüb, qaraçı qızlarını yanında görmədi, onlar nə qədər o tərəf-bu tərəfə qaçdı, mümkün olmadı, seyid qızları şəklinə girən qaraçı qızları isə onların gözünün qabağında gəzirdi. Çopur Səlimə də yaxasını qurtarıb qaçdıqdan sonra, aralıq sakit oldu. Seyid qızları isə oralarda dolaşırdı, siğələrini itirənlər isə bir qədər axtardıqdan sonra, ümidlərini kəsdi, həyətdən xaricə çıxdı. Mən qaraçı qızını gözdən qoymamışdım. O, seyid qızı sifətinə düşsə də ayağındakı başmağını tanıyırdım. Nə başınızı ağrıdım, qaraçı qızları bir kərə də seyid qızları adına siğə oldular; lakin son dəfə siğə edənlər əvvəlkilərə görə bir az ehtiyatlı idi. Hələ siğə qurtardıqdan sonra faytona oturub bir tərəfə getməzdən əvvəl kişi, qabaqca qaraçı qızı Hüsni xanımın müfəssəl ünvanını xəbər aldı. Mən maraqlandım, dedim ki, baxım görüm qaraçı qızı buna öz ünvanını doğru deyəcəkmi? Qaraçılar dərbəndində yaşayan qaraç qızı belə bir ünvan verdi: – Evimiz Gəcil ağzındadır. Səngəkxananın böyründədir. İkitağlı sarı qapımız vardır. Qapının başında şir şəkli, sol tayında sarı bürüncdən çax-çax vardır. Çax-çaxın ucu ilan başına bənzəyir. Astanamızda at nalı vurulmuş, qapının taxtasına nəba duası yazıb yapışdırmışıq. Damımızın novçaları daşdır: ucları da inək başı kimidir. Mir Abutalıb evi desən, hər kəs nişan verər. Danışa-danışa eşiyə çıxırdılar. Arxamızdan yenə də bir səs gəldi: – Ay başınıza dönüm, qoymayın qaçdı! Xalq yenə bir-birinə qarışdı: qaraçı qızları da bu dəfə yaşıl rübəndini çıxarıb ağ rübəndi üzlərinə saldılar və ziyarətə gələn arvadlara qoşulub yollarına düzəldilər. Əlli kələklə filan qədər qazanan qaraçı qızı, nahar vaxtı amerikalı qızın evinə getdi. Mən də dalınca getdim. Orada tamam saat on bir olana qədər durub gözlədim. 11-də Rəfizadə də gəlib oralarda gəzirdi. Qaraçı qızı dışarı çıxan kimi Rəfizadə onu yaxalayıb soruşdu: – Gəlməyə vədə verdimi? Qaraçı qızı yavaşcadan cavab verdi: – Gələcək, falına baxdırmağa gələcək və bütün şeylərini də gətirəcək. Amma sənə xəbər verirəm, qızı yalnız sənə gətirmirəm. Mahmud xan da şərikdir! – dedi və yola düşdülər. Tütünçüoğlu haqq-hesabını verdi. Mən məsələnin nə yerdə olduğunu lazımınca təyin etdim. Artıq onları təqib etmək lazım gəlmirdi. Onlar qızı fal açdırmaq üçün aparacaq idi. Lakin onun şeylərini nə vasitə ilə əldə edəcəklərini və nə bəhanə ilə şeyləri apartdıracaqlarını bilmirdim, bunu da öyrənmək lazım idi. Bu məsələni də Həsənağaya tapşırdıq. – İndi vəzifə sənindir! – dedim. – Amerikalı qız inqilabçı deyil. O bizdən, biz də ondan istifadə edirik. O bizdən Rusiya əleyhinə istifadə edir, biz də o cəbhədə çalışırıq. Lakin sən onu bilməlisən ki, biz ondan çox istifadə etmişik. O bizə həm mənəvi, həm də maddi mənfəətlər vermişdir. Mən ancaq birinci dəfədir ki, bunu sizə xəbər verirəm. Amerika konsulxanasında çalışdığına baxmayaraq, o, Almaniya casusudur. Bunun üçün də mübarizəmizdə istifadə etmək məqsədi ilə bizə lazım olduğu günə qədər onu müdafiə etməliyik. Buna görə də sən, sabah tezdən amerikalı qızı təqibə başlamalısan, o hər yerə gedirsə sən də getməlisən. Hərgah onu qaraçı evinə aparsalar sən də getməlisən. Oradakıları tərk-silah etməklə soymalı və bağlamalısan. Lakin bunların hamısını Səməd xanın fərraşbaşısı Qulusultanın tapşırığını yerinə yetirirmişsən kimi edəcəksən: çünki biz Mahmud xanla olan mübarizəmizdə silahla deyil, tədbirlə iş görməyə möhtacıq. Qulusultanla onun arasında törədə biləcəyimiz ixtilaf bizə gərək olacaq. Həsənağa tapşırığı alıb getdi. Mən və Məşədi Kazım təkcə oturmuşduq. Mən ona: – Düşünməyə dəyməz, – dedim, – de görüm könülaçan nə vardır? – İşlər yaman deyil, çörəkpulu çıxır. Konsul və qoşun böyükləri mənə inanır, dərilərini soyuram, hər şeydə yarı-yarıya qazanıram. Allah səni məndən ayırmasın. Bütün zərərlərin yerini birə dörd qat doldurmuşam. Mən bu tacirin pullarını Almaniya və Rusiya bankına qoydurduğunu bilirdim, ona bir yaxşılıq da etmiş olmaq üçün dedim: – İmperializm müharibəsi yaxınlaşır. Bu müharibədə Rusiya və Almaniyanın iflas edəcəyi qorxusu vardır. Məşədi Kazım təşvişlə soruşdu: – Bəs necə olsun? – Pulunu qismən ingilis, qismən də Amerika bankında saxlarsan. – Sabah mənim bundan başqa işim olmayacaqdır! Pulları haman yerlərə barat verəcəyəm. – Doğrusunu de görüm pulun nə qədər olar? – Uşaqlar üçün bir nan-pənir pulu düzəltmişəm. Bir o qədər deyil!.. – Yenə də?.. – İki milyon tümən! – İndi bir sözümə də doğru cavab verməyinizi rica edirəm. – Sizin başınıza and olsun bir kəlmə də o yan-bu yan olmaz! – Mən Təbrizə gəldiyim və sizin evinizdə mənzil etdiyim vaxt nə qədər sərvətiniz vardı? – Beş yüz min tümən. – Deyəsən, düz olmadı, bəs mülkə nə qədər vermişsiniz? – O beş yüz min tüməni mülkə vermişəm. – Demək ki, siz iki milyon tüməni inqilabdan qazanmışsınız. – Bəli, belə də görünür. – İndiki ticarətin də əvvəlkilərə görə daha çox qazanclı deyilmi? – Əlbəttə! Lakin mənfəət əvvəlki mənfəətlər kimi bir həftədə adamı varlandırmır. Burada ancaq gündə beş yüz tümən qazanmaq olur. Allah səni biz inqilabçılara çox görməsin! – Buna söz yoxdur, ancaq mühacirətdəki yoldaşlara bir az xərclik göndərmək lazım deyilmi? – Necə ki, lazım deyil? Səhərin özündə siyahı verin göndərim getsin, biz ölməmişik ki? * * * Ninanın ad günü Ninanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi. Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi: – Müjdəmi verin, ölü dirilibdir! – dedikdə onun dalınca Ələkbər yoldaş içəri girdi. Biz onu salamat görərkən həddindən artıq sevindik. Azərbaycanın hər tərəfində olan çar tərəfdarları öz düşmənlərini ovlamağa başlamışdı. Ələkbərin də Hacı Hüseyn Şücalı tərəfindən öldürüldüyünü eşitmişdik. Ələkbər yoldaş bizimlə bərabər Ninanın evinə getmək üçün 15 dəqiqə ləngiməyimizi xahiş etdi. Bu müddətdə o yuyunub libasını dəyişəcək idi. Mən də onunla bərabər içəri girdim, ona öz vəziyyətimi və Səməd xanla düzəltdiyim əlaqəni müxtəsərcə bildirdim. O mənim bu tədbirlərimi təqdir etdi və uzun müddət Təbrizdə qalacağını xəbər verməklə məni sevindirdi. Ninanın, qonaqlarından bir çoxu gəlmiş, bizi qarşılamaq üçün balkona çıxmışdı. Nina Ələkbər yoldaşı gördükdə hamını unutdu və onu qucaqlayıb üzündən öpdü, ağladı. Ələkbər yoldaş da bundan geri qalmadı. O da Ninanı öpüb ağladı və əlindən tutub salona daxil etdi. Yarım saat sonra Sərdar Rəşid öz rəsmi libasında gəlmişdi. Ninanın evini birinci kərə gördüyündən buradakı zənginlik onu heyrətə saldı. Yalnız belə bir ev yox, onu Təhminə xanımın qızları da təəccübləndirmişdi. – Ağa, bu xanımlar avropalıdırmı? – Xeyr, təbrizlidirlər, bizim bacılarımızdır. Məşədi Kazım ağanın gəlinləridir. Sərdar Rəşid daha bir söz demədi. Məşədi Kazım ağaya müraciətlə: – Ağazadələr haradadır? – sordu. Məşədi Kazım ağa: – Bəndəzadələr Berlində təhsildədirlər. Sağlıq olursa gələn il xanımlar da təhsilə gedəcəkdir! – dedi. Bu, sərdar Rəşidə imkan xaricində olan bir iş kimi gəldi: – Bunlar da? Berlinə?! – Bəli, Berlinə. İndi ki, yoldaşları oxuyur, qoy özləri də oxusun. Məmləkətdə ixtisaslı xanımlara ehtiyacımız çoxdur. Sərdar Rəşid: – Xeyli mərhəba, səd afərin! Bu gün özümü mədəni iranlılar içində görürəm, – dedi. Bir neçə dəfə gördüyünə baxmayaraq, Ələkbər yoldaşa işarə ilə soruşdu: – Bu ağa kimdir? Nina cavab verdi: – Bu da bizim ticarət şərikimizdir, Təbrizə bu gün varid olmuşdur. – Ticarətiniz nədir? Ələkbər yoldaş: – Ticarətimiz elə görkəmli və gəlirli bir ticarət deyil, – dedikdə, sərdar Rəşid soruşdu: – Yenə olsun, çörəkli ticarətdirmi? – Bəli, hərgah işlər əncama düşsə, bizim ticarətimiz təmiz və çörəkli ticarətdir. Cavahir alış-verişçisiyik. – Xeyli pakizə, xeyli xub, zəngin və hörmətli bir ticarətdir. Həsənağa və Tütünçüoğlu məclisə xidmət edirdi, mən onları da tanış verdim: – Bunların birisi bizim kiçik xanımların qardaşı, birisi də mənim qardaşımdır, – dedim. Yenə də sərdar Rəşid: – Maşallah, bərəkallah! – deyə Ninanın evlərini və evdəki şeylərini tamaşaya başladı. Xanımlar iki bir, üç bir salonu gəzərkən İraidanın kefi özündə deyildi. Onun gözü Ninanın, Töhfənin və Sənubər xanımın Berlində tikdirilən libaslarında idi. Mahru xanım yenə də qəmli və kədərli idi. Onun danışmağa belə həvəsi yox idi. Mən salonu onunla birlikdə dolaşırdım. Divardakı şəkillərə baxaraq keçərkən, onun gözü bunlardan birinə düşdü. Bu onun öz sevgilisi Smirnov ilə birlikdə aldırdığı şəkildi. O, dərin bir ah çəkərək: – O, həyatımın unudulmaz bir hadisəsi idi, – dedi, – mən indi haman hadisənin səbəblərini aydın edə bilmirəm. Sərdar Rəşid bizə yanaşdı, o da Smirnovun şəklinə baxaraq bir ah çəkdi və: – Bu mərhum xeyli nəcib və xeyli alicənab bir zat idi, – dedi. – Bu mərhumun ölümü, doğrudan da, namuslu iranlıların ürəyinə böyük yara vurdu, bunun vücudi-aləmi islamın şərəfi idi, bunun dinimübini-islami qəbul eləməsi, dinimizin nə qədər həqiqi bir din olduğunu isbat edirdi. Mahru xanım ona istehzalı və acıqlı bir nəzərlə baxıb nümayişkaranə bir surətdə ayrıldı və Ninanın qolundan tutub gəzməyə başladı. Bu vaxt çar konsulu, arvadı və qızları ilə bərabər gəldi. Məclisdəkilər sərdar Rəşidə təqdim olunduğu kimi, sıra ilə durub çar konsulu və onun ailəsinə təqdim olundu. Çar konsulu birinci dəfə idi ki, iranlı qızların cəmiyyətdə belə sərbəst iştirak etdiyini görürdü. O: – Mən gözlərimə inanmıram! – dedi. – Bunların rusca təhsil və tərbiyələri olsaydı, bunlarla oturub danışmaq və İran qadınının əhvali-ruhiyyəsini bilmək, iranlılarla əməkdaşlıqda bulunan rus xalqı üçün olduqca maraqlı olardı. Mənim əvəzimə Nina cavab verdi: – Cənab general, qızlarımız ruscanı bir rus qızı kimi danışırlar! Konsul qızlarla uzun müddət danışdı, onların əllərini bir daha sıxaraq: – Afərin sizə, gəliniz sizi hökumət hesabına təhsil üçün Peterburqa göndərim, – təklifində bulunduqda, Sənubər: – Çox təşəkkür edirik! – dedi, – biz payızda Berlinə təhsilə getməliyik. – Bəs Berlinə nə üçün? Qızların rəngi qızarıb, konsula cavab verməkdən utandılar. Nina, onların dadına çatdı: – Bunların yeni ərə getdikləri gənclər də Berlində təhsildədirlər. Konsul narazı olmuş kimi: – İran siyasi, iqtisadi cəhətlərcə daima böyük Rusiya imperatorluğu ilə əlaqədədir. Mənçə, mədəni və elmi sahələrdə də Rusiya ilə əlaqəni sıxlaşdırmaq daha məqsədəuyğun olardı, – dedikdə Sənubər xanım konsulu razı salmaq məqsədilə dedi: – Rusiyada olan mədəniyyət özümüzünküdür. Cənab general, almanlardan olanları da əldə etmək lazımdır. Konsul cavabdan razı qaldı, onun əlini təkrar bir daha sıxdı və saçlarını sığalladı. Otaqları gəzdik. Ninanın iş otağına keçdikdə, ona ad günü münasibəti ilə gətirilən hədiyyələri gözdən keçirdik. Ən qiymətli hədiyyə Ələkbər yoldaşın gətirdiyi idi. Bu gümüşdən qayrılmış incə bir qutu idi. Qutu qədim İran sənətinin qəşəng bir nümunəsi idi. Qutunun üzərində incə və qiymətli daşlarla Fətəli şahın şəkli nəqş edilmişdi. İçərisində nə olduğundan kimsənin xəbəri olmasa belə, hər kəs onun zahirindəki gözəllikdən heyrətlənirdi. Sənətin incəliyi qarşısında duyduqları bədii zövqün ifadəsini onların çöhrələrində görmək olurdu. Qonaqlardan bəziləri bunun tütün qutusu olduğunu iddia edirdi. Sərdar Rəşid isə bu fikirlə razılaşmadığını bir neçə sözlə bildirdi: – Bizim mərhum Əbəvinin belə bir ənfiyədanı var idi. Amma üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. Bütün bu fikirlərə qarşı hədiyyəni gətirən Ələkbər yoldaş ancaq gülümsəyirdi. Nəhayət, qonaqlar qutu haqqında Ələkbər yoldaşa müraciət etməli oldular. Ələkbər yoldaş qutunu əlinə götürdü. Barmağı ilə Fətəli şahın təsvirini göz bəbəklərinə basarkən, qutunun dörd qapağı da birdən açıldı və meydana, möhtəşəm bir imarət təsviri çıxdı. Binanın divarları parlaq sədəfdən, pəncərələri isə kiçik almazlardan qayrılmışdı. Uzaqdan pəncərələrə baxıldıqda, orada görünən qırmızı yaqutların, imarətin içərisində çıraqlar yanırmış kimi, parıldadığı görünürdü. Bu hədiyyə hər kəsin heyrətini cəlb etmişdi. Lakin mən bu hədiyyəni ikinci kərə gördüyüm üçün o qədər də təəccüb etmirdim. Mən Livarcanda Hacı xanın evində qonaq olduğum vaxt, bu qutunu Abbas Mirzədən ona qalan miraslar içərisində görmüşdüm. Qutunun içərisində təsviri göstərilən bina isə Abbas Mirzə nayibüssəltənənin Təbrizdə olduğu vaxt yaşadığı Şəmsülimarə idi. Mən Ələkbər yoldaşın qulağına pıçıldadım: – Bunu Hacı xandan neçəyə aldın? – Doqquz! – Necə doqquz? Doqquz yüz tümənəmi? – Xeyr doqquza! – Necə yəni doqquza? Ələkbər yoldaş qulağıma yavaşcadan dedi: – Hacı xana bircə dənə doqquzluq çıxardım. Məsələ məlum oldu. Demək Ələkbər yoldaş yenə də Hacı xanla qumar oynamış imiş. Onlar ikisi də bu ibtiladan yaxalarını qurtara bilmirdilər. Ziyafətdə sərdar Rəşidin sağlığına içilən badələr və general-konsulun nitqləri, sərdar Rəşidin Hacı Səməd xanı əvəz edəcəyi üçün bir başlanğıc idi. * * * İntibahnamələr Əmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq: – Anam, sizi təcili surətdə çağırır, – dedi. – Bu saat gedərəm. – Siz Nina xanımın yox, bizim öz evimizə getməlisiniz. – Çox gözəl! – Məsələ aydın idi. Təhminə xanımda yəqin yenə də bir sirr var idi. O, hər vaxt mənə söyləmək istədiyi gizlin sözləri öz evində deyərdi. Daha mən Həsənağadan ayrılmadım, onunla söhbət edə-edə qayıtdıq. Təhminə xanım və qızların gözləri ağlamışlar kimi qızarmışdı. Onlar məni gördükdə, yenə də kövrəklənib ağladılar. Sakit olduqdan sonra Təhminə xanım Mahmud xanın Ninaya elçi göndərdiyini və Ninanın onları böyük ehtiramla qəbul etdiyini söylədi. Elçilər Ninaya sərdar Rəşidin və onun arvadı İraidanın məktubunu gətirmiş imişlər. Onlar öz məktublarında bu izdivacın səadətli bir izdivac olacağını yazmış və Ninanın bu xeyir işə razılıq verməsini məsləhət görürmüşlər. Mən Ninanın onlara nə cür cavab verdiyini soruşmayaraq: – Nə eybi vardır, – dedim, – hərgah Ninanın buna könlü var, hərgah o bu işi, xeyir iş deyə adlandırsa, daha bizim danışmağa nə haqqımız var? Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? O, müsəlman və türk qızı deyil. Onun tərbiyəsi tamamilə başqadır. O tərbiyə ilə böyümüş qızlar nə sevdiyindən vaz keçər, nə də sevmədiyini qəbul edər. Mahmud xan böyük nüfuzlu bir adamdır. Bəlkə, onun böyüklüyü Ninanı özünə cəlb edir. Yox əgər sərdar Rəşid və İraida Ninanı məcburi olaraq Mahmud xana vermək istəsələr biz Ninanı köməksiz qoymarıq, müdafiə edə bilərik. Biz hələ o qədər də aciz düşməmişik. Nə Təhminə xanım, nə də onun qızları mənim sözlərimdən razı qalmadılar, onlarda Ninaya qarşı bir nifrət və bir düşmənçilik hissi doğmuş kimi idi. Onları öz fikirlərindən və şübhəli yollardan qaytardım. Ninanın hər kəsə ərə gedərsə-getsin, onlara olan dostluq əlaqəsinin dəyişməyəcəyini söylədim. Lakin hər halda mən Ninanın evinə getməli idim. Biz əldə edilən məlumata əsasən şəhərə vərəqlər yaymağa söz vermişdik. Fürsəti əldən buraxmayaraq çar hökuməti və onun nümayəndəsi olan Hacı Səməd xanın siyasətini ifşa etməli idik. Ninanın yanına bir gün əvvəl getməliydim, işlərimin çoxluğu buna imkan verməmişdi. Onun etiraz edəcəyi və məni tənqid edəcəyi şübhəsiz idi. Mən onun otağına çox qorxa-qorxa girdim, o yazı stolunun başında oturub işləyirdi. Məni gördükdə qələmi stolunun üzərinə atdı. Mən öz hesabımı bildim: həngamə başlanacaq idi. O: – Mən heç də anlaya bilmirəm, – dedi, – sən günlərlə buralarda görükmürsən? Təhminə xanım isə səhər tezdən çıxıb getmişdir. Mən bu uşaqla bərabər qalmışam, işə də getməmişəm. De görüm bu saat sənin Təbrizdə işin nədir? Nə üçün fəaliyyət göstərmirsiniz? Nə üçün çar hökumətinin fırıldaqlarını ifşa etmirsiniz? Budur, sənə deyirəm: bu fəaliyyətsizlik davam edərsə, mən buradan çıxıb getməliyəm. Artıq bu evlərin qarovulunu çəkmək istəmirəm. Uşağı da götürüb sənin ağlına gəlməyən bir tərəfə gedəcəyəm. Sən özün bir düşün, bu həyatmıdır? Bizim bu vəziyyətimizə nə ad vermək olar? Madam ki, iş yoxdur, həyat yoxdur, daha burada nə üçün qalmaq? – İş necə olar? – mən soruşdum, – beş-on nəfərlə böyük bir hökumətlə mübarizə aparmaq sənçə iş deyilmidir? – İşin fəna tərəfi də odur ki, işi beş-on nəfərlə aparırıq! – Çox adamı haradan tapa bilərik, sən bilirsən vəziyyət indi çətindir. – Çətin vəziyyət şəraitində işləməyi öyrənməliyik! Səttar xanın iyirmiminlik silahlı qüvvətinə istinad edib iş aparmaq silahlı nəzmiyyə ilə qoşun qabağına durmaq hər kəsin işidir, işçi, yaxşı təşkilatçı bugünkü şəraitdə iş apara bilməlidir. – Kimi təşkil edək? Bazar əsnafını, tacirlərimi? Sən özün bilirsən ki, qaçan qaçdı, ölən öldü, qalanlar isə dar ağacının qorxusundan bizim verdiyimiz silahı belə almır. – Mən Təbriz şəraitində sənə Peterburqun putilovçularını, yaxud Riqanın toxucu işçilərini verə bilmərəm. Təbriz küçələri təşkilatsız işçilərlə doludur. Hər tərəf hammal, hər yan çılpaq deyilmi? Hər tərəfə baxıb ağa nökərləri və bir loğma çörəyə işləyən muzdurları görməyirsənmi? – Nina, sözün var, söz danış! Bu cür sözlər ixtilaf çıxarmaq üçün vasitə aramaqdır. Sən saydığın təşkilatsız proletariata nə vasitə ilə yanaşmaq olar? – Siz təşkilatlı proletariatla da iş aparmırsınız. Əcəba, hazırda min səkiz yüz nəfərə qədər xalça fabrikası işçiləri mütəşəkkil proletar sayıla bilməzmi? Mənim təşkil etdiyim 28 nəfərlik dərnək üzvləri azmı iş gördü? De görüm, iki gündən bəri nə iş görmüşsünüz? Harada idin? – Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. O ki, Təhminə xanımdır, o da bu saat gəlməyə hazırlanırdı. – Sən onu harada gördün? – Evlərinə getmişdim. – Ora səni çağırmışdılarmı? – Xeyr. – Bəs nə üçün getmişdin? – Qızların Berlinə göndərilmək məsələsini danışmaq lazım idi. – Qızların məsələsinimi? – Bəli, qızların məsələsini. – Sən gərək bunu mənə heç də xəbər verməyəydin. – Əcəba, mən bunu səndən gizlətməkdə nə kimi bir şey qazanacaq idim? – Daha mən sənə nə deyim? Sən qızlara məndən yaxınmı idin? Əcəba, mən onlara ürəyimin yağını yedirmədimmi? Onları Berlinə getməyə sənmi hazırladın? Onları kəsif çadranın altından cəmiyyətə sənmi çıxardın? İndi necə olmuşdur ki, məni özlərinə yad bilirlər? Hərgah getmək istəyirlərsə yığılıb burada danışa bilməzlərmi? Yox, məsələ bu deyildir. Onlar hələ məni layiqincə tanımamışdır. Hələ Təhminə xanımın mənə qarşı etimadsızlığı da dözülməz haldır. Onlar daima səni özlərinə məndən yaxın hesab edir, halbuki mən onlara səndən daha yaxınam, daha səmimiyəm. Onların nöqsanı hamıdan artıqdır. Onlar heç vaxt sənin mənə qarşı etdiyin haqsızlığı nəzərə almır və səni tənqid etmirlər, çünki sən onların özününkü, mənsə kənardan gəlmə bir yabançıyam. Təhminə xanım bir kərə də olsa mənim haqlı olduğumu nəzərdə tutmamışdır. Hər kiçik hadisədən ötrü onların evində toplanıb iclas düzəldirsiniz, bununla da məni şüursuz və duyğusuz bir qız hesab edirsiniz. Sən get onlara söylə! Özün də əmin ol ki, özgənin fikri ilə hesablaşan deyiləm. Bacım da, onun əri də mənim üçün heç yerindədir. Mənim üçün qiymətli bir şey varsa, o da öz düşüncəm və öz iradəmdir. Nə olar ki? Bu vəziyyəti davam etdirərəm. Bəlkə də, iqbalın insan üzərində hakimliyi sözü doğru imiş! Mən ayaq üstündə durub Ninanı dinləyirdim, onu sakit etmək üçün gətirəcəyim dəlilləri bir neçə kərə ürəyimdə təkrar etmişdim. Bu halda Təhminə xanım gəldi, Nina isə onu görən kimi şiddətlə ağlamağa başladı. Təhminə xanım onun başını köksünə aldı, qızın başı onun çiynində olaraq ağlarkən Təhminə xanım da özünü saxlaya bilmədi. Mənim tüklərim ürpəşirdi. Səbəb olduğum bu vəziyyətdən utanır və özüm özümə nifrət edirdim. Mən ya birkərəlik Ninadan ayrılmalı, yaxud da bu iki həyatı birləşdirməli idim. Lakin mən özlüyümdə əlaqəmizin belə qeyri-müəyyən şəkildə qalmasını bu səbəbə izah edirdim: mən qızın taleyini öz məlum olmayan taleyimlə birləşdirməyə cürət etmirdim, onun mənimlə xoşbəxt ola biləcəyinə inanmırdım. Özüm də bilmədim, əlimin birisi ilə Təhminə xanımın, o birisi ilə Ninanın saçlarını oxşayaraq dedim: – Nina, sizin hər ikinizə and içirəm! Hərgah sənin qəlbin və mənə dair olan düşüncələrin dəyişməmişsə... Nina mənim sözlərimə axıra kimi qulaq asmayaraq başını əlləri arasına alıb içəri otağa keçdi. Təhminə xanım ev işlərinə məşğul idi. Mən oturub düşünürdüm. Yarım saatdan artıq oturdum, başımdan əlli cürə fikir gəlib keçirdi. Otağın qapısı açıldı. Nina öz sevimli və abı rəngli geyimində gəlib yazı stolunun başında oturdu. O özünü acıqlı və ciddi göstərmək istəyirdi. Lakin dodaqlarında sezilən xəfif bir qımıltı onun gülmək istədiyini və bunu da gizlətməyə çalışdığını aşkara çıxarırdı. Birdən o: – Dur bura gəl! – dedi və gülümsündü; bununla da biz barışmış olduq. Hər şey keçib getdi. Əyləşdim, o yanımdakı rusca yazılmış kağızı mənim qarşıma fırladaraq: – Səni çox gözlədim, gəlmədin, nəhayət, şəhərə buraxılacaq vərəqəni özüm yazmağa başladım, – dedi, – diqqətlə oxu, artırıb əksildilməsi yeri varsa, düzəlt, tərcümə elə! Nə cürə olursa-olsun, vərəqlər sabah gecə şəhərə yayılmalıdır. Mən: – Çox razıyam, – dedim. O, cavabında: – Sən razı olmasan da keçər. Kütlələr razı qalmalıdır, – deyərək üzümə əyri-əyri baxdı və davam etdi: – Sənin tənqid edilməli yerin çoxdur, başdan-ayağa nöqsanlar içindəsən. Eyni zamanda özünü əfv etdirməyi də bacarırsan. Mən bütün bu qüsurlara göz yumuram, buna da məni mühüm cəhət məcbur edir; onlardan biri və ən ümdəsi gələcəyinə möhkəm inamım olan, yolunda hər şeydən keçməyə hazır olduğum inqilab... Mən ikinci səbəbi gözlərkən o susdu: – İkincisi? – Onu söyləməyəcəyəm! – Yaz ver! – Sən rus şairi Puşkini oxumamısanma? Get onu oxu! Puşkin deyir ki, «Hər şeyi sətirlərdə yazmazlar». Onun nə dediyi və bu məcburiyyətin nədən ibarət olduğu aydın idi. Mən məsələni çox da qurdalamaq istəməyərək intibahnaməni oxumağa başladım: «Təbrizlilər! İnqilab yolunda verdiyiniz qurbanlar sizi mübarizəni davam etdirməyə dəvət edir! Daxili və xarici düşmənlərlə başladığınız mübarizəni davam etdirin! İran inqilabı məğlub olmamışdır! Əldə edilən qələbələri çox da ucuz satmayın! Böyük məqsədinizi əldə etmək üçün verdiyiniz qurbanların çoxluğu sizi heç də qorxutmasın! İran inqilabı Rusiyadakı beşinci il inqilabının qığılcımıdır! Onu bir alov, hətta bütün İranı işıqlandıracaq bir alov şəklinə gətirmədən cəbhənizdən çəkilməyin! Unutmayın ki, siz təbrizlisiniz! Təbriz neçə yüz ildən bəri İranın siyasi həyatında mühüm və idarəedici rol oynamışdır. Siz o rolu bu günə qədər də davam etdirmisiniz. Çar istilasının vücuda gətirdiyi müvəqqəti çətinlik sizi cəbhənizdən uzaqlaşdırmasın, mübarizə meydanını Səməd xan kimi məmləkət xainlərinə buraxıb çəkilməyin! Siz yenə də mərkəzlə əlaqə saxlamalısınız, mərkəzdə oturan bir neçə rüşvətxor vəzirlərə təsir yetirməlisiniz! Daxili və xarici düşmənləriniz İranın imtiyazlarını əldə etmək üçün alış-verişə başlamışdır. İngiltərə və Rusiya hökumətləri İranı asancasına istismar etmək üçün öz tərəfdarını baş vəzirliyə keçirmək istəyir. Rusiya Tehran səfirinin xariciyyə naziri Sazonova vurduğu 724 nömrəli teleqramda, baş vəzirlik ətrafında gedən alış-verişlər aydıncasına göstərilir. İngilislər Mustofiyulməmalükü, ruslar isə Sədüddövləni baş vəzirliyə keçirməyə çalışırlar. Azərbaycanlılar isə bunların hər ikisinin əleyhinə çıxmalıdır, çünki bunlar ikisi də öz məmləkətini satmağa hazırlanır: ruslar Sipəhdarın namizədliyini qoyur; çünki onun özü də rus istiqraz bankının borclularındandır. Onun bütün əmlakı rus bankının rəhnindədir. Təbrizlilər, aşağıdakı teleqramı oxuyun! Rusiya Tehran səfiri xariciyyə naziri Sazonova göndərdiyi 102 nömrəli teleqramında yazır: «Urmi gölünün gəmi imtiyazını almaq işində sizin yardımınız lazımdır. Hər halda bir peşkəş, hədiyyə vermədən bu işin başa gəlməyəcəyi şübhəsizdir». Məmləkəti istilaçılar və satıcılar əlindən qurtarmağa çalışın! Çar hökuməti bütün İranı istismar edir, məmləkətin gəlirini, çar təbəələri, çar qoluzorbaları arasında bölüşdürür. İran gömrükxanalarının gəlirləri hara gedir? Ölkənizin maliyyə ehtiyacının səbəbləri harada doğur? Rusiyanın Tehran səfiri, İran baş naziri və Vüsüqüddövləyə verdiyi notasında İran gömrük gəlirlərinin həyasızcasına təqsimi haqqında məlumat verir. Səfir öz notasında gəlirlərin istiqraz faizləri hesabına sıxıldığı və qalan əlbaqi paraların kimlərə paylandığı haqqında hesab verir. Rusiyanın Tehran səfirinin xariciyyə naziri Vüsüqüddövləyə verdiyi 118 nömrəli notanı oxuyun: «Həşəmətli cənab, özümü sizə aşağıdakı notanı təqdim etməyə borclu bilirəm: – İran gömrükləri gəlirlərinin 1914-cü il iyul ayının birinə qədər istiqraz bankında qalmış əlbaqi parası saxlanıb, aşağıdakı qərarla paylanmışdır: Bankda olan 2545206 qran 40 dinar paradan əlahəzrətin kazak briqadasının xərcinə 1922694 qran 40 dinar verilmişdir. Həşəmətli cənab mənimlə razılaşa bilər ki, briqadaya bu paranı verməmək hissənin məhvi deməkdir. Buna da imperator hökuməti heç vəchlə razı ola bilməz. Bu məsarifin vəsiqələri öz vaxtında kazak briqadasının rəisi tərəfindən baş xəzinədara təhvil veriləcəkdir... Rusiya təbəəsi olan Arzumanovun dağılan mallarının zərərlərini ödəmək üçün 18000 tümən. Rusiya təbəəsi, araba sahibi Məşədi Hadının arabalarını şah hökuməti istismar etdiyi üçün 5090 tümən. Şirazda, ərəb şeyxinin Əliyev qardaşları mallarını müsadirə etdiyi üçün 20 min tümən. Rusiya təbəəsi İbrahim Manuilyanın İran təbəəsi Muxtarülsultandan etdiyi tələbinə görə 2 min tümən. Şamaxılı Rusiya təbəəsi Abdullayevlərin İsfahan yanında quldurlar tərəfindən talanmış xalçalarının hesabına – 4300 tümən. Rusiya toxucu fabrikası sahibi Proxorovun İranda «Hasar surx» adlı yerdə üç il bundan əqdəm talanmış parçaları hesabına 350 tümən. Yuxarıda adları çəkilən tələbkarların iddianamələri də öz vaxtında İran hökumətinə təqdim ediləcəkdir. Bu qərarla da istiqraz bankında qalmış əlbaqi paradan, kazak briqadası məsarifi və Rusiya təbəələrinin zərərləri ödənildikdən sonra 93812 qran qalmışdır. Şah hökumətinin birinci tələbi üzərinə bu para təqdim olunacaqdır. Korostovtsev». Təbrizlilər! Bu sizin ölkənizin gəliri! Həyasızların əlindən qurtarmaq üçün siz yenə də öz inqilabi təcrübəniz və şüurunuzdan istifadə edə bilərsiniz! Sizi satmaq istəyən Səməd xan və sərdar Rəşidlə amansız mübarizə aparın!..» Nina şəbnaməni burada bitirmişdi, mən intibahnaməyə aşağıdakı cümlələri əlavə etməsini də ona tövsiyə etdim: «Təbrizlilər! Mühüm günlər yaxınlaşır, dünya qanlı hadisələrin qarşısında durur. Kapitalistlər insan sallaqxanaları hazırlamaqdadır. Çar hökuməti hər yerdə olduğu kimi, İranda və Osmanlı hüdudlarında da işə başlamışlar. Çarın casusları şeyxbərzanlar, əbdürrəzzaqbəylər, seyidbəylər işə başlamışlar. Azərbaycanlılar! Yaxında sizin yorğun və əzilmiş ölkəniz Osmanlı, Rusiya, Almaniya, İngiltərə ordularının döyüş meydanına dönəcəkdir. Bu imperialist dövlətlərin qanlı siyasətləri sizə düşməndir. Bunların hərbcu imperialist və müstəmləkəçilik siyasətlərini anlayaraq ifşa edin, onlara nifrət bəsləyin, Rusiya sosial-demokratlarının – bolşeviklərin yolu ilə gedin! İnqilab komitəsi». * * * İraida oğurlandı Bugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim. Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi. İclas aşağıdakı qərara gəldi: Təşkil edilmiş işçilərdən bəzilərini olduğu yerdən götürüb başqa müəssisələrə təhkim etmək. Şəfi Şabanoğlu, Ələkbər Kazımoğlu, Hacıağa Əvəzoğlu, Dadaş Quluoğlu, Bağır Hacıoğlu, Saleh Müseyiboğlu, Yavər Xəliloğlu fabrik sahiblərinə bildirmədən, tədriclə fabrikadan çıxmalıdırlar. İşdən çıxan yoldaşlar təşkilat işləri aparmaq üçün müxtəlif müəssisələrə daxil olmalıdır. Əski yerlərindən kənar olub yeni yerlərə daxil ola bilməyənlərin işsiz qaldığı müddət ərzində maaşı komitə tərəfindən verilməlidir. Yeni işə daxil olanlar, əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsirini ödəyəcəkdir. Görülən işlər haqqında danışmaq üçün ayda iki dəfədən az olmayaraq iclas çağırmaq lazımdır. Bu qərarlar qəbul edilib iclas bitdikdən sonra, tək-tək yoldaşlarla söhbət edir və ayıq olmalarını tapşırırdım. Sonra Həsənağaya müraciət eləyərək intibahnamələrin şəhərə yayılması haqqında onun fikrini soruşdum. O öz yeni tədbirlərini dedi: – Siz onu bilməlisiniz ki, Hacı Səməd xanın və rus konsulunun xəfiyyələri adama göz verir işıq vermir. Onlar küçədə gedən arvadların bağlamalarını belə açıb araşdırırlar. Mən bir nəfərin, iki nəfərin, hətta özümün də tutulmasından qorxmuram, qorxum ancaq işimizin üstü açılmasındadır. Buna görə də mən aşağıdakı tədbirləri düşünmüşəm: On beş nəfərimiz dilənçi paltarı geyib, intibahnamə yapışdırılmalı yerlərdə divara söykənib dilənəcək və gəlib gedəndən ehsan istəyəcək, eyni zamanda bunlar intibahnaməni qabağında durduqları divara yapışdırıb qaçacaqlar. Hələlik dilənçilərdən heç kəs şübhələnmir. İntibahnamələrdən hamamların qapısında dəstə-dəstə qoymaq lazımdır. Sübh vaxtı hamama gələnlər götürüb aparar və başqalarına göstərər. Məscid səkilərində də intibahnamə qoymaq lazımdır. Xüsusən böyük məscidlərdə, məsələn, «Talibiyyə mədrəsəsi» ağzında. Onun tədbirlərindən razı qaldım və ikinci kərə: – Başlıca olaraq özünüzü mühafizə etməlisiniz! – dedim. – Çünki sizin tutulmağınız həm mənim, həm də Ninanın haqqında şübhə oyandırar və işimizi alt-üst edər. Yoldaşlar getdilər. Yanımda ancaq Tütünçüoğlu qalmışdı. Qapı vuruldu. Tütünçüoğlu qapıya getdi. Bir azdan sonra içəri bir qadın girdi. İlk baxışda mən onu tanımadım. – Oturun, – dedim. O, oturdu. Mən çarşafının altından onun üzünü ötəri gördüm. Mən onun gözlərini də görə bildim; onları tanıdım. Bu çar miralayı Smirnovun vurulduğu və onu fəlakətə salan gözlərdi. Tütünçüoğlu da içəri girdi. Qadın mənə baxaraq Tütünçüoğluna işarə etdi və bununla da Tütünçüoğlunun otaqdan çıxıb getməsini istədiyini bildim. Tütünçüoğlu dəhlizə keçdi, qadın çarşafı başından ataraq dərin bir nəfəs aldı. Mən: – Səfa gətirmişsiniz, – dedim, – şübhəsiz ki, Mahru xanımın bu vaxt təşrif gətirməsinin mühüm bir səbəbi vardır. Mahru xanım Təbriz qadınlarında az-az təsadüf ediləcək fikirli gözlərilə mənə baxıb düşünürdü və yenə də ehtiyatlı nəzərlərlə ətrafını süzərək başladı: – Mən sizi indi deyil, çoxdan bəri tanımışam. Mən o sirri, hətta o qanlı sirri sizə verdiyim gündən bəri sizi tanıyıram. Zənnimcə, siz çətinlikdən çıxış yolu tapa bilərsiniz. Siz mənim zənn etdiyim kimi, hadisə qarşısında özünü şaşıran adam deyilsiniz. Hazırda sizi böyük bir təhlükə gözləyir. O təhlükədən siz də, sizin sevgiliniz və həmməsləkiniz Nina xanım da məhv ola bilər. Mahru xanım bu sözləri deyincəyə kimi nələri düşünmədim? O, əlini atıb, redikülündən Ninanın şəhərə buraxılmaq üçün yazdığı intibahnamənin rusca əl yazısını mənə verdi: – Baxın, görün bunu tanıyırsınızmı? – dedi. – Tanıyıram, – dedim, – bunu siz haradan götürmüsünüz? – Bunu mən sizdən götürməmişəm. Bunu İraida xanım Ninanın evindən götürmüşdür. – Bunu sərdar Rəşid bilirmi? – Xeyr! Sərdar Rəşid burada deyildir, Savucbulağa getmişdir. Şübhəsizdir ki, qayıdandan sonra bunu biləcəkdir. – Siz bu kağızı nə cür götürdünüz? – O bu kağızı öz yanında saxlayırdı. Dünən axşam ev hamamına getmişdi. Ondan sonra da mən hamama getdim. Bu kağız paltar soyunan taxtanın dalına düşmüşdü. Mən onu tapdım, ucundan-bucağından oxudum, tamamilə anlamasam belə mühüm bir kağız olduğunu yəqin etdim və götürüb gizlətdim. İraida xanım evin altını üstünə çevirdi, bir şey tapa bilmədi. Bəlkə də, onun mənə gümanı gedirdi, lakin cəsarət edib bir söz deyə bilmədi, ancaq bir kərə: – Mahru xanım, hamamda bir parça yazılı kağız görmədinizmi? – deyə soruşdu. Mən Mahru xanıma sual verdim: – Çox əcəb! İraidanın bu kağızı əldə etməkdə məqsədi nədir? – Bu kağız, Ninanı sizin əlinizdən qurtarmaq üçün bir vasitədir. – O nə edə biləcəkdir? Məni həbs etdirməkmi istəyir? – O mənim üçün hər şeyi danışmışdır, o sizi həbs etdirməkdən və bu işi sərdar Rəşidə, yaxud çar konsulxanasına bildirməkdən qorxur, çünki o zaman öz bacısı da məhv ola bilər. – Bəs nə etmək istəyir? – Sizi zəhərlədib öldürmək, sonra da bu kağızı Ninaya göstərib qorxutmaq və Mahmud xana ərə getməyə razı etmək! Onun üçün İraida xanım ərinin gəlməsini gözləyir. – O məni nə vasitə ilə zəhərləmək istəyir? – Aşpazımız Məhəmmədəli Mirzənin aşpazıdır. O, Məhəmmədəli şahın əmri ilə yüzlərcə adam zəhərləmişdir. – O bu barədə apşaza bir söz söyləmişdirmi? – Hələlik... Xeyr. Daha bir söz danışmadım. Məsələnin qorxulu olduğu şübhəsiz idi. Mən işi sərdar Rəşid Savucbulaqdan qayıdana qədər bitirməli idim. Çünki İraida gecə də olsa, bunu sərdar Rəşidə, sərdar Rəşid isə çar konsuluna xəbər verəcək idi. O, böyük bir mövqe qazanmaq üçün belə bir fürsəti çoxdan axtarırdı. Mən başımı qaldırıb Mahrunun gözlərinə bir daha diqqətlə baxdım: onun baxışlarında mənə qarşı bir səmimiyyət olduğunu dərk etdim və minnətdarlıqla: – Sizə inanıram, Mahru xanım, – dedim, – sizin ürəyinizdə böyük sirlər yatdığı kimi, bu kiçik sirri də orada uyuda bilərsiniz. – Məndən əmin ola bilərsiniz. Lakin bu sirrin mənim ürəyimdə gizlədilməsi kifayət deyildir, çünki İraida onsuz da bu sirri açacaqdır. – Bu sirrin açılmaması üçün görüləcək tədbirlərin həyata keçirilməsində iştirak etməyə söz verirmisiniz? – Söz verirəm, bütün varlığımla söz verirəm! – Sərdar Rəşid nə vaxt qayıdacaqdır? – Beş gündən sonra. – İkinci kərə sizi nə vaxt görə biləcəyəm? – Sabah gecə bu vaxt. O, qalxıb getmək istədi. Gecə çox qaranlıq idi. Faytonu qoşdurdum. Onu faytonla yola salmaq istədikdə, o: – Yalqız getmək mümkündür? – deyə soruşdu. Mən: – Sizə öz inandığım bir gənci yoldaş verirəm, faytonu da onun özü sürəcəkdir, – deyə Tütünçüoğlunu çağırdım və ona təqdim elədim. – Mənə etimad etdiyiniz qədər, buna da etimad edə bilərsiniz, – deməklə onları tanış elədim. Onlar gedəndən yarım saat keçincəyə qədər mən oturub düşünürdüm. Ninanın bu kimi mühüm bir kağızı tələf etməməsi və onun İraida kimi zərərli bir qadının əlinə düşməsi məni heyrətə salırdı. Gecəni yata bilməyəcəkdim, çünki İraidanın bu sirri ikinci bir adama xəbər verməsi ehtimalı vardı. İraidanı heç vəchlə susdurmaq olmayacaqdı. O, Ninanı mənim əlimdən qurtarmaq üçün bundan daha əlverişli bir fürsət əldə edə bilməyəcəkdi. Bu düşüncələrlə əlaqədar olaraq, İraidanın Ninaya 10 gün bundan qabaq söylədiyi sözləri xatırladım: – «Onu sən özün rədd edə bilməzsən. O zaman evdəki dövləti buraxıb çıxmalısan. Lakin onu buradan qovdurar, yaxud məhv etdirəriksə, sən həm böyük bir dövlətə yiyə durar, həm də Mahmud xan kimi məşhur bir adamın arvadı olarsan». Mən gecə də olsa, Ninanın evinə getmək və onunla görüşüb bu məsələ haqqında danışmaq lazım olduğu qərarına gəldim. * * * Saat 12-yə işləmişdi. Təhminə xanım və Məcid uyumuşdu. Nina isə Təbrizə gizlincə gətirilən partiya qəzetlərini oxuyurdu. Nina gecənin bu vaxtında onun görüşünə gəldiyimi heyrətlə qarşıladı: – Nə əcəb, bu vaxt? – Sizi görmək və Məcidlə əylənmək istədim. Nina güldü: – Doğrudur, sən bizimlə həmişə əylənmisən... yenə də... otur əylən! Oturdum, məsələni çox da tez söyləməyə tələsmədim, çünki onsuz da inqilabçı qızın əsəbləri pozğun idi, həyatın bu şəkli onu əzirdi. Bir saata qədər sevgidən, məhəbbətdən, səmimiyyətdən danışdıq. Nəhayət, söhbətimiz İraidanın bizə olan əlaqəsi üzərinə gəldi, dedim: – Nina, bir az ehtiyatlı olmaq lazımdır, doğrudur, İraida səni məhv etmək istəməz, lakin mənim onların əlində məhv edilməm, sənin də konsulxanadakı vəziyyətinə mənfi təsir edəcəkdir. Təəssüflər edirəm ki, sən o qədər də ehtiyatlı deyilsən. Nina: – Səhv edirsən! – dedi. – Neçə ildən bəridir ki, böyük işlər gördük və heç birində də ehtiyatsızlığım olmadı, bundan sonramı?.. – Çox pakizə! – Mülayimətlə dedim. – Əsəbiləşmə, onsuz da sən xəstəsən. Hadisə insanları aradığı kimi, insanların özü də hadisələrin başına dolanır. Bir sənətkar nə qədər ehtiyatlı olsa da, yenə həyatında bir çox səhvlər buraxmamış deyil, biz də eləyik. İndi mənə de görüm rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? – Kitabların arasındadır. – Ver baxım. O, kitabların arasını axtardı, düşündü, yenə də axtardı, tapa bilmədi. Mən kağızı qoynumdan çıxarıb ona verdim: – Al, – dedim, – ehtiyatlı olmaq lazımdır! Bu cür vərəqələrin İraidanın əlinə düşməsi bizim bütün işlərimizi alt-üst elər. O, tələsik soruşdu: – İraidanınmı? – Bəli, İraidanın. – Bəs sənin əlinə haradan keçdi? Mən əhvalatı başdan-başa ona nağıl elədim. Ninanın rəngi qaçdı, bir ara o, şaşırmış kimi nə edəcəyini bilmədi. Sonra: – Məhv olduq! – dedi – sərdar Rəşid öz səadətini bizim fəlakətimiz üzərində quracaqdır. İraidanın özünə də bu xoşdur. De görüm indi biz nə etməliyik? – İki yol vardır, – dedim, – Təbrizdən xəlvətcə qaçıb gizlənmək, yaxud da başqa qəti tədbirlərə əl atmaq! – Qəti tədbirlər görmək mümkün olduğu halda daha Təbrizdən nə üçün qaçaq? Hara qaça bilərik? Başladığımız işləri, sonra da evi-eşiyi buraxıb hara qaça bilərik? Nəhayət, bu yazıq uşağın müqəddəratını kimlərə tapşırarıq? – Nina, bizim qəti tədbirlərimiz bundan ibarət olmalıdır: bizim sirlərimizin izinə düşən İraida Təbrizdən çıxarılmalıdır. Mən ona görəcəyimiz tədbir ətrafında düşünmək imkanını vermiş olmaq üçün, bir ara susub durdum, sonra təlqinedici tövrlə sözümə davam etdim: – Təbii, artıq İraida məni məhv etməyi bacarmaz, çünki onun məqsədini vaxtında öyrəndim. Mən Təbrizi buraxıb bir tərəfə çəkilə bilərəm, lakin sənin məsələn mənim gözümə durub. Sən bilirsən ki, Mahmud xanın səni almaq fikri də bu hadisədə mühüm rol oynaya biləcəkdir. Hərgah sən bu izdivaca razısan, arxayın ola bilərsən ki, sənin üçün heç bir qorxu yoxdur. Səhər tezdən İraidanın yanına gedərik, ona Mahmud xanın təklifinə razı olduğunu xəbər verərsən, bacın da sirrini kimsəyə açmaz, mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. Mən daş qələmlə qarşımdakı kiçik xatirat dəftərinə Ninanın cızmaqara şəklini çəkirdim. O isə yadından hər şeyi çıxarmış kimi dərin fikir dəryasına qərq olmuşdu. Onu mən indiki qədər ciddi və indiki qədər də düşüncəli görməmişdim. O, məsləklə, doğma bacısı arasında dururdu. O bunların birindən keçməli idi: ya bacıdan, ya da məsləkdən. Divar saatı üçü vurdu. Sabaha az qalırdı. Nina başını qaldırdı və alnına tökülən sarı saçlarını barmaqları ilə darayıb qəti: – Qoy o məhv olsun! – dedi. – Onun qanının heç bir qiyməti yoxdur. O, əks-inqilab cəbhəsindədir. Bundan da çirkin rəzalətə düşməmək üçün onun məhv edilməsi özü üçün də bir xoşbəxtlikdir! Hökmü bütün qətiyyəti ilə verməsinə baxmayaraq, gözləri yaşardı. Mən dedim: – Nina, bunların heç birisi olmasın. İraida səni əfv edər, yaşarsınız. Mən də bir tərəfə çəkilərəm. Bəlkə, bir zaman sonra görüşmək mümkün olar. Biz yoldaşıq, gəl üçüncü bir adamın zərər çəkməməsi üçün bu gecə vidalaşaq. Nina uşaq kimi hönkürə-hönkürə ağladı. Onu heç bir vəchlə sakit edə bilmədim. O, yarım saata qədər başını çiynimə söykəyib hıçqırdı. Nə vaxtdan sonra o ağladığının səbəbini dedi: – Onun xasiyyəti murdardır. Heç vaxt onun üçün ağlamaram! O mənim üçün çoxdan ölmüşdür, lakin o məni də aciz salmaq, məni də özü kimi satmaq istəyir. Bu hal, əlbəttə, ağlamalı bir haldır. O ölməlidir, o özünün də, yoxsul iranlıların da düşmənidir. O öz rahətindən ötrü hər şeyi sata bilər. Biz onu çoxdan Təbriz mühitindən uzaqlaşdırmalı idik. Bilmirəm sən bunu bacaracaqsanmı? Mən: – Bəlkə də, mümkün oldu, bəlkə də, bu təhlükəli işi də başımızdan edə bildik, – deyə onu sakit elədim. * * * Axşam idi, Məşədi Kazım ağa, Tütünçüoğlu və Həsənağa ilə birlikdə müşavirəmiz vardı. İraida məsələsi ətrafında meydana üç təklif çıxmışdı. Tütünçüoğlu sərdar Rəşidin bacısı Mahru xanımın fikri ilə şərik olaraq İraidanı zəhərləməyi məsləhət görürdü. Mən bu təklifi qəti surətdə rədd etdim: – Əvvəla, İraidanın zəhər içməsi Mahruya qarşı bir şübhə oyandıra bilər, onu sərdar Rəşid cəzasız buraxmaz. Nəticədə bu işin bizim tərəfimizdən düzəldiyi meydana çıxar. İkincisi də aşpaz həbs edilər və onun vasitəsilə də hökumət bu gizlin sirrin üstünü açar və bizim bu cinayətdən xəbərdar olduğumuz məlum olar. İkinci təklif Həsənağanın təklifi idi. O, çox qəti olaraq: – Kəsilən başdan səs çıxmaz! – dedi. – Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. Neçə əks-inqilabçı öldürmüşəm, qoy bu da biri olsun! Bu təklifi də rədd etdik və Həsənağanı da təklifin yaramaz olduğuna qane etdik. Mən dedim: – Sərdar Rəşid Ninanın Mahmud xana verilməsi ilə əlaqədar olaraq, mənimlə İraida arasında ixtilaf və ədavət mövcud olduğunu bilməmiş deyildir. Bundan başqa da sərdar Rəşidin evinə girərək İraidanı öldürmək və Mahrunu diri qoymaq yenə də böyük şübhə oyanmasına səbəb ola bilər. Bir də burası var ki, mübarizə bacarmayan bir qadını öldürmək bizə yaraşan iş deyil, hələ onun, Ninanın bacısı olduğunu da nəzərimizdə tutmalıyıq. Nina yalnız bir inqilabçı vicdanı ilə bacısının öldürülməsinə razılıq verir. Biz İraidanı öldürmüş olursaq, Nina hər halda şiddətlə sarsılacaqdır. Bu cür bir zərbə, onsuz da əsəbləri pozulmuş qızın səhhətini tamamilə alt-üst edər. Biz elə bir gərəkli yoldaşı itirə bilərik. Mən bu nöqteyi-nəzərdən, İraidanın cəzasının yüngülləşdirilməsini təklif edirəm. Bu təklifim üzərinə sakitlik başladı. Çox fikirləşdikdən sonra Məşədi Kazım ağa: – Nə təklif edirsiniz? – deyə soruşdu. Mən: – Onu oğurlamaq və Təbrizdən çıxarmaq lazımdır – dedikdə, hamı bir səslə soruşdu: – Nə cür oğurlamaq? – Onu mənə tapşırın. Siz ancaq hara aparmaq və harada həbsə almaq məsələsini həll etməlisiniz. Məşədi Kazım heç düşünmədən dedi: – O mənim işimdir. Təsvic kəndinə aparmalıyıq. Qardaşım orada yaşayır, bacım da oradadır. Bu qərar qəbul olundu. Bu bizim sirrimizin açılmaması üçün ən əlverişli bir yol idi. O bizim əlimizdə olarkən istədiyimiz vaxt öldürə də bilərdik. Lakin mən Təbrizin bu vəziyyətdə qalmayacağı və çar hökumətinin dünya müharibəsi nəticəsində əzilləcəyini, orada vətəndaş müharibəsi düşəcəyini, çar müstəmləkələrinin azad ediləcəyini əldə etdiyimiz bolşevik mətbuatından oxuyub bilirdim. İclasdan sonra biz Məşədi Kazım ağaya aşağıdakı vəzifəni həvalə etdik. Məşədi Kazım bu gecə saat beşdə faytonla Təsvic kəndinə getməli, İraidanı həbs etmək üçün yer hazırlayıb gizlicə Təbrizə qayıtmalı idi. Bu qərar da qəbul edildi. Mən: – İndi durub gedə bilərsiniz, burada yalnız Tütünçüoğlu qalmalıdır, – dedim. Müşavirə dağılanda saat doqquza on beş dəqiqə qalırdı. Mahrunun gəlmək vaxtı yaxınlaşırdı. Nə Hüseynəli əmi, nə də onun arvadı Səriyyə xala evdə deyildi. Mənim tapşırığıma görə, yenə də Məşədi Kazım onları evlərinə çağırmışdı. Gecə saat 12-yə qədər onları yaşadığım binaya buraxılmamalarını tövsiyə eləmişdim. Tütünçüoğlu bir neçə kərə: – Gəlmədi! – deyə ah çəkdi. Mən onun Mahrunu sevdiyini sərdar Rəşidin Ninaya qonaq gəldiyi gündən bilirdim. Lakin Tütünçüoğlu gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. O bilirdi ki, çar miralayının dul arvadını, Azərbaycan valisinin bacısını, yoxsul bir gəncə verməzlər. Buna görə də o öz sevgisini kimsəyə söyləməmişdi. Sirrini möhkəm saxlamasına baxmayaraq, onun: «O yubandı, gəlmədi!» – deyişində Mahruya qarşı olan hissi bütün coşqunluğu və dərinliyi ilə meydana çıxdı. Ona sual verdim: – Keçənlər keçmiş, indi də görüm Mahru xanımı necə ötürdün, nələr danışdınız? Tütünçüoğlu, bu haqda danışmağa könlü yoxmuş kimi, ağız sürütməsi dedi: – Heç nə, o yan-bu yandan bir neçə söz danışdıq. – Məsələn? – O, əvvəlcə soruşdu ki, sən cənabın faytonçusumusan? – Dedim ki, xeyr. Soruşdu: – Bəs faytonu sən nə üçün sürürsən? – Dedim: – Əbülhəsənbəy sizin onunla görüşdüyünüz gizli qalsın deyə faytonu mənə tapşırdı. Sonra: – Sən onun nəyisən? – dedi. – Qardaşıyam! – dedim. – Doğma qardaşımı? – Doğmadan daha artıq! – Sən də onunla bir işdəmi çalışırsan? – Bəli. Bu cavabım ona xoş gəldi: – O da yaxşı adamdır, onun dostları da yaxşı adamlardır! – dedi. Mənim maraqlandığıma görə Tütünçüoğlu bunu da qeyd etdi: – O, qapıya bir az qalmış faytonu saxlatdırdı. Əlimi sıxdı, ayrılıqda: – Əbülhəsənbəyə təşəkkürümü yetir, – deyib getdi. Burada Tütünçüoğlu bir az susdu, sonra dərin bir ah çəkərək yenə dedi: – Bəs bu harada qaldı? Nə üçün gəlmədi? Bu dəfə mən ondan açıqca: – Sən onu sevirsənmi? – soruşdum. – Sevdim nə olacaq?.. – Bəlkə, o da səni sevir. – Bu tezkən?.. Doğrudan da, tez idi, buna görə də, mən bu suala cavab verməyib Mahrunu təriflədim: – İnqilabçı qızdır. Bizə də çox hörməti var, eybi bircə budur ki, sərdar Rəşidin bacısıdır. Tütünçüoğlu etiraz etdi: – Mənə elə gəlir ki, o, inqilabçı deyil, bizə hörməti də inqilabçı olduğumuzdan deyil. – Bəs? – Onun bizə yaxın gəlməsinin iki başlıca səbəbi vardır ki, onlardan biri: onun millətçi olduğu, bir də qardaşına ədavət bəsləməsidir. Burada mən bir şey də deməliyəm: mənə elə gəlir ki, Mahru sərdar Rəşidin bacısı deyil. Qız nə xasiyyət, nə əqidə, nə də sifətcə sərdar Rəşidə bənzəmir. Qapı yavaşca vuruldu. Tütünçüoğlu cəld qapıya yüyürdü. Bir dəqiqədən sonra Mahru xanım qabaqca, dalısınca da Tütünçüoğlu içəri girdi. Mahru hələ mən danışmadan salamlaşıb: – İcazə verin çarşafı götürüm, – dedi. Çarşafı başından götürdükdə Tütünçüoğlu onu alıb səliqə ilə divanın üstünə qoydu. Mahrunu çay stolunun başında əyləşdirdik. Tütünçüoğluna eşitdirmədən ondan soruşdum: – Tütünçüoğlundan gizli sözümüz olacaqmı? O, yavaşcadan cavab verdi: – Siz ona inanırsınızsa, yox. Heç bir vaxt güldüyünü görmədiyim Mahru yenə də qəmli idi. Bu məhzun qadına qüssəli olmaq çox yaraşırdı, ona elə təbii bir vüqar və qürur verirdi ki, insan, bu qadının qəm və kədər çəkmək üçün yaşadığını və hüznün bu incə qadının əsas gözəl sifəti olduğunu etiraf etmək məcburiyyətində qalırdı. Onun vüqar və ciddiyyəti, dərin hüznü, hər kəsdə, dost olmayan adamda belə özünə qarşı bir hörmət oyandıra bilmək qüvvətinə malikdi. Biz hüzn və qürur heykəlinin qarşısında susur, onun özünün danışacağını gözlərkən o gözəl başını qaldırıb dedi: – İş bu yerdədir. İraida kağızı məndən tələb edir, bunu qardaşıma və konsula xəbər verəcəyilə məni hədələyir. Lakin mən onu bilirəm ki, əhvalatı konsula deyə bilməyəcəkdir, çünki Ninanın fəlakətə düşə biləcəyindən qorxur. Mən böyük bir ehtiyatla Mahruya belə bir sual verdim: – Siz bizim işimizdə axıra qədər iştirak edəcəksinizmi? Bu sual onu duruxdurdu. Aydındı ki, o bu sualı gözləmirdi, bununla belə o tezliklə özünü toplayaraq soruşdu: – Siz nə iş görürsünüz ki? – Bizim gördüyümüz iş, ən qiymətli bir arzunun yerinə yetməsində sizə kömək edəcəkdir. – Söz verirəm. İnanınız ki, məni sizə mühüm bir sirr bağlamışdır. Sizin məqsədinizin nə olduğunu, bəlkə də, yaxşı bilmirəm, bildiyim bir şey varsa, o da sizin acizlərin tərəfdarı olduğunuzdur. Mən də bu işin tərəfdarıyam. Bu məqsədə xidmət etmək üçün sizə öz sədaqətimi göstərmədimmi? – Göstərdiniz, bunun üçün də mən bir saat əvvəl bu gördüyün yoldaşıma haqqınızda dediklərimi sizin üzünüzə deyirəm: Siz gələcək inqilabçı oğulların və kölələk zəncirini qırıb atan mübarizəçi qızların anasısınız. Siz bunu yaxşı dərk etməli, azadlıq uğrunda apardığımız mübarizədə canla-başla iştirak etməlisiniz. Bunu da bilməlisiniz ki, bizim işimiz elə işdir ki, bəzən insan öz qardaşının da əleyhinə çıxmalı olur. Mahru dərhal nə demək istədiyimi başa düşdü: – Bilirəm, nə demək istədiyinizi anlayıram! – dedikdən sonra, qətiyyətlə bunu da xəbər verdi: – Mənim qardaşım yoxdur. Sərdar Rəşid mənim qardaşım deyildir! – Doğrudanmı? – Doğrudan. Mənim ona bacı sayıldığım qanlı bir facienin nəticəsidir. Hərgah cənabınız bundan maraqlanırsa, söhbət edə bilərəm. – Danışınız! – Mənim atam sərdar Rəşidin atasının bağbanı idi. Mən o vaxt yeddi yaşında idim. Onun atası hər gün bağa gələrkən mənim və anamın kefini soruşar və bizimlə saatlarca söhbət edərdi. Atam bundan xoşlanmırdı, anam da atama bizim oradan köçüb getməyimizi məsləhət gördü. Biz onun bağını buraxdıq. Payız vaxtı idi. Ərdəbildən çıxıb Mehrevdan mahalına getmək istədik. Gecə vaxtı idi. O, adamlarını göndərib atamı yolda öldürdü və bizi də Ərdəbilə qaytardılar. Onun zalım atası anamın yaxasından əl çəkmirdi. Ərdəbil müctəhidi Mirzə Ələkbərə şikayətə getdik. O da anamın ərə getməsini məsləhət gördü. Bacarmadıq, axırda yazıq anam öz istəkli ərinin qatilinə ərə getməyə məcbur oldu. Mən də anamla bərabər yaşayırdım. Anam da öldü, o məlun da ölüb getdi, mənsə orada düşüb qaldım, çünki bir adamım yox idi. Mən elə bilirdim ki, sərdar Rəşid Ərdəbil hakimidir, varlı və heç bir şeyə ehtiyacı olmayan bir adamdır. Məni atasının və anamın xatirinə öz bacısı kimi saxlamaq istəyir. Lakin mənim fikrim boşa çıxdı. O, Təbrizə gələndən sonra mənimlə çox namussuzcasına rəftar etməyə başladı. O, gecələr bir neçə kərə durub mənim yatağıma gəldi. Qışqırdım, səsə arvadı yuxudan ayıldı, lakin o da mənə kömək vermirdi, çünki o, arvadının da əxlaqını pozmuşdu. O, döşündən asdığı «İqabi-Səfid» nişanını Rusiya hökumətindən öz arvadının bahasına ala bilmişdir. Siz bilmirdiniz, o, İraidanı almamışdan əvvəl öz arvadını faytonu qoyub Şahzadə bağındakı rus məmurları hüzuruna aparırdı. Nəhayət, arvadın qardaşları bunu eşitdi, gəlib bacılarını apardılar. O məni dinc buraxmırdı, gecələr onun qorxusundan yata bilmirdim. Mənə yardım vermək istəyən qulluqçu qadınlar birinci həftədə evdən qovulurdu. Son vaxtlar yanımda bir şüşə zəhər saxlayırdım. O mənə yaxınlaşarkən şüşəni çıxarıb içmək istəyirdim, o isə çəkilib gedirdi. O mənim namusuma toxuna bilmədi, bunun üçün də məni cəzalandırmaq niyyəti ilə heç sevmədiyim, insan yerinə qoymadığım bir adama ərə vermək istədi. O, bir sərxoş kazak zabiti idi. Konsulxana mühafizəsində duran kazakların rəisi idi. Onu bir neçə kərə evə qonaq gətirdi. Məni onun yanında buraxıb çıxdı. Zabit mənə təcavüz etmək istədikdə mən şüşə və stəkanları onun başına vurub qaçdım. Bunun üçün də o məni döydü. Bir neçə həftə qaranlıq bir otaqda həbs elədi. Məni Smirnova ərə getməyə məcbur edən də vəziyyətimin belə ağırlığı oldu. Smirnovu bir neçə kərə görmüşdüm. O, gözəl bir adam idi. Lakin qızların hər sevdiyi adama getməsi vacib olmadığı kimi, mənə də sevdiyim Smirnova ərə getmək vacib deyildi. Mən öz namusumu sərdar Rəşiddən və onun mənə namizəd seçdiyi sərxoş kazak zabitindən mühafizə etmək üçün Smirnova getməyə qərar verdim. Lakin yenə də mənim yaxam onun əlindən qurtarmamışdı. Sərdar yenə də namussuzluğunda davam edirdi. O yalnız məni deyil, öz sevdiyi İraidanı da əxlaqsızlığa öyrətməyə çalışırdı. Onu çar zabitlərilə tanış edirdi. İraida hələlik buna imkan verməsə belə, nəhayət, buna məcbur ediləcəkdir. Mən və Tütünçüoğlu, hər ikimiz onu diqqətlə dinləyirdik. O, sözünü qurtardıqdan bir neçə dəqiqə sonra belə, biz bu sərgüzəştin təsirinin altından özümüzü qurtara bilməmişdik. Hələ İraidanın da yoldan çıxarılması xəbəri də məni düşündürməyə başlamışdı. Nə cür olsa, o yenə də Ninanın bacısı idi. Mahruya təsəlli verərək, bizim yolumuzun təmizliyindən, bizim məqsədimizi təqib edənlərin ən namuslu adam olduqlarından danışdım və nəhayət, dedim: – Qadınlarımızın qeydinə qalmaq, onları namussuz hakimlərin, mülkədarların, yüzlərcə, minlərcə sərdar Rəşidlərin təcavüzündən qurtarmaq istəyirsinizsə bizə qoşulun! Sonra ona bu vədi verdim: – Birinci növbədə sizi sərdar Rəşidin əlindən qurtarmağa çalışacağam. Sizə azad bir qadın kimi yaşamaq və sevdiyiniz bir adamla ailə qurmaq imkanını yaradacağam. Mahrunun gözlərinə bir ümid parıltısı gəldi, hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. O həyəcanla: – Sizin sərəncamınızdayam! – dedi. Mən dərhal onunla əməli söhbətə başladım: – Sərdar Rəşidin evində kimlər gecələyir? – Xidmətçilər və aşpazlar axşam saat ondan sonra evlərinə gedir. Evdə qalan yalnız ixtiyar bir qadındır, o da İraida xanımın kiçik buyuruqlarını yerinə yetirmək üçün qalır. – Həyətdə və qapıda gözətçi dururmu? – Xeyr. – Siz İraida ilə bir otaqdamı yatırsınız? – Xeyr. Hərəmiz bir ayrı otaqda yatırıq. – Xidmətçi qadın harada yatır? – Mətbəxin böyründəki kiçik otaqda. – Xidmətçi yatan otağın qapısı çöldən bağlandıqda xidmətçi qadın başqa bir qapıdan dışarı çıxa bilərmi? – Xeyr, o otağın çölə pəncərəsi belə yoxdur. – Çox pakizə, gecəni necə keçirirsiniz? – Axşam saat ona qədər yemək, içmək, xırda ev işləri ilə məşğul oluruq. Saat onda İraida öz otağına çəkilir, yatağında uzanıb kitab oxuyur. Mən də haman qoca arvadla dərdləşirəm, saat 12-də yatmağa girirəm. – Gecə saat birdə bütün qapıları açıq qoya bilərmisiniz? – Mümkündür, qoya bilərəm. – Bu məsələ qurtardı. İkinci məsələ sirrin gizlin qalmasıdır. – O barədə düşünməyin, lakin məni oradan qurtarmağa söz verin! – Qurtaracağıma əmin olunuz! Sabah gecə saat ikidə, məni orada gözləməlisiniz. Saat 11-də Mahru xanım getmək istədikdə, yenə də fayton qoşuldu. Tütünçüoğlu onu ötürdü. Evdə kimsə qalmadı. Nina pərdənin dalından çıxdı, stolun ətrafındakı stulda oturduqda: – Mən bu gecəni «Min bir gecə» hekayəsinin 2-ci bir hissəsi hesab edirəm, – dedi. – Qulaqlarıma inanmaq istəmirəm. Mən indi əmin oldum ki, bu qız bizim sirlərimizi heç bir kəsə verməyəcəkdir. Sən İraidanı oradan oğurlatmaqla həm bizim inqilabi işimizin gizlin qalmasına, həm də bacımın namusunun müdafiəsinə xidmət etmiş olacaqsan. – O, bir az düşünüb əlavə etdi: – Ah! İraida nə qədər alçalmışdır? Saat 12-də onu öz evinə ötürdüm. * * * İntibahnamələrin lazımi yerlərdə yapışdırılması, konsul ilə Hacı Səməd xan arasındakı münasibətin gərginləşməsi, Təbrizdə gizlin işləyən təşkilatın tapılmaması, Hacı Səməd xanın son günlərini yaxınlaşdırırdı. O, yenə azarlayıb yatmışdı, kimsəni qəbul etmirdi. Buna görə də çar konsulunun Azərbaycanı soymaq və istismar eləmək planları həyata keçməmiş qalırdı. Vəziyyət belə olduğu təqdirdə konsulun son ümidi sərdar Rəşidə qalırdı. Nina gündüz saat 2-də konsulxanadan, Savucbulağa teleqram göndərildiyi və sərdar Rəşidin Təbrizə dəvət edildiyi xəbərini verdi. Bizim də işlərimiz hazır idi. Sərdar Rəşid Təbrizə gəlincəyə qədər, İraida da öz yeni mənzilinə köçə biləcək idi. İraidanı Təsvic kəndinə aparmaq Tütünçüoğlu ilə Məşədi Kazım ağaya tapşırılmışdı. Axşam Saat doqquzda İraidanın bu məzmunda bir məktubunu aldım: «Əzizim Əbülhəsənbəy! Sabah nahar yeməyini bizimlə bərabər yeməlisiniz. Gözləyəcəyəm, sizə mühüm bir məsələdən danışacağam. İftixarüssultan İraida». Məni gülmək tutdu. İraidanın İran kübar qadınlarına məxsus ləqəb qəbul eləməsinə yanımdakılar da güldü. Şübhəsizdir ki, ona ləqəbi, sərdar Rəşidin daxil düşməsi ilə Hacı Səməd xan vermişdi. Biz onun məni nə üçün dəvət elədiyi üzərində heç də düşünmədik. Çünki «iftixarüssultan» xanımın Təbrizdə keçirəcəyi həyatın son saatları idi. O məni zəhərləməyə imkan tapa bilməyəcəkdi. Saat 2-nin yarısında mən, Həsənağa və Tütünçüoğlu evdən hərəkət elədik. Həsənağa faytonu qapıda saxlayacaq idi, fayton haqqında izahat istəyən olursa, tapşırığımıza görə, Həsənağa, «cənab sərdar Rəşid təşrif gətirmişdir», deməli idi. Tütünçüoğlu bomba əlində həyətdə duracaq, küçədən evə girənlərə mane olacaq idi. Mənsə içəri girəcək, İraidanı dışarı çıxarıb faytona əyləşdirəcəkdim. Düz saat 2-də biz sərdar Rəşidin qapısındaydıq. Mahru xanım qapını açmışdı. O, balkonda gəzişib həyəcanla bizi gözləyirmiş. Balkona çıxıb yavaşca salam verdim və onun əlini sıxdım. – Evdə kim vardır? – Əmin olunuz, heç kəs! Dəhlizə, oradan da salona daxil olduq. Salondakı lapmanın işığı azaldılmışdı. İşığı artırdım. Salondan yataq otaqlarına girən qapıları yoxladım; hər tərəfi, çıxacaq və girəcək yerlərini öyrəndim. Əvvəlcə xidmətçi qadın yatan qapının çöldən cəftəsini vurdum. Sonra qara ipək xələtə bürünmüş Mahru xanım qarşıma düşüb İraidanın yataq otağını mənə göstərdi. Zil qara saçlarını bir hörüklə arxasına atan Mahru qarşımda, mübhəm sirlərin qorxulu heykəli kimi hərəkət edirdi. Qaranlıqda yerişi, ehtiyatlı hərəkətləri, ipək donun xışıltıları ona fantastik bir varlıq görkəmi verirdi. O, İraidanın yatdığı otağı göstərdi və durub mat-mat üzümə baxmağa başladı. Əlimlə ona qayıtmaq işarəsi verdim, lakin o getmədi. O, sözü olan adama oxşayırdı. Mən ona pıçıltı ilə dedim: – İraida səni görməməlidir. Otağına get! Qoy səni səhər bura gələnlər açıb otağından bayıra buraxsın, sərdar Rəşid və başqaları səndən şübhələnməsinlər. O, yenə də durub baxırdı. Otağına girməkdə tərəddüd göstərirdi. Mən ona qəti olaraq: – Təxirə vaxt yoxdur! – dedim. – Fayton qapıda durmuşdu. Hərgah sən bu sirri saxlamaq üçün özündə cəsarət hiss etmirsənsə, gəl dalımca küçə qapısını bağla və mənim bura gəldiyimi kimsə bilməsin. Heç olmasa bu sirri saxla! Bu sözü deyərək dəhlizə dönmək istərkən o ətəyimdən tutdu: – Dayan! Tərəddüdüm qorxduğum üçün deyil, – dedi, – məni bu evdən qurtarmaq üçün qəti söz verməlisiniz! – Qəti söz verirəm, səni bu evdə qoymayacağam! Sözümün qətiliyi Mahrunu sakit elədi. O öz otağına daxil oldu. Qapını dışarıdan cəftələdim. İraidanın otağının qapısına gəldim. Otağa daxil olmaq mənim üçün çox çətin idi: bu çətinlik qorxudan deyildi, utanırdım, çünki İraida istidən tamamilə üstüaçıq yatmışdı. Başının üzərində yanan lampanın işığı, az da olsa onun çılpaq vücudunu bütün üryanlığı ilə nəzərə çarpdırırdı. Onun oxuduğu roman, yuxu tutduğu zaman, açıq döşlərinin üstünə düşüb qalmışdı. Bir məsələ də məni az-çox məşğul etdi: İraida ayılıb məni görərsə nə düşünər? O məni gördükdə Əbülhəsənbəy çılpaq bir qadının yataq otağına nə məqsədlə girmişdir, – deyə mənim haqqımda çirkin fikirlərə düşməzmi? Tərəddüdüm çox tez keçdi. – Qoy, nə düşünürsə-düşünsün! – dedim. – Nəticədə bura nə məqsəd üçün gəldiyimi biləcəkdir. Çarpayıya yaxınlaşdım. Arada, cürbəcür vəziyyətlərdə çəkilmiş çılpaq qadın şəkilləri ilə dolu olan divarlara da diqqət etdikdən sonra çarpayının ayaq tərəfindəki nazik yorğanı bu çılpaq vücudun üstünə çəkdim. Elə bu vaxt çarpayının baş tərəfində asılan kiçik, yaraşıqlı gümüş bir çərçivə nəzərimi cəlb etdi. Baxdım, bu Hacı Səməd xanın verdiyi fərmandı. Fərmanın məzmunu bu idi: Fərman «Hərəmi möhtərəmi cənab sərkar sərdar Rəşid İraida xanımla bələqəbi-iftixarrüssultan müləqqəb mifərmailm. Valiyi-əyaləti Azərbaycan, Hacı Şücaüddövlə Səməd xan. Təbriz, 1329 hicrin. Artıq təxir yaramazdı, onu yuxudan qaldırmaq istərkən özümdə bir cəsarətsizlik hiss etdim. Lakin başlanmış işi axıra yetirmək lazımdırl – deyə, sağ əlimdə naqanı tutaraq sol əlimlə onun saçlarını sığallamağa başladım. O, ayılmadı və nazlanaraq o biri böyrü üstə çevrildi. Bu vəziyyət bir neçə saniyə davam etdi. Nəhayət, onun başını bərk-bərk silkələdikdə o, gözlərini açdı. Gözlərini geniş-geniş açıb otağa və mənə baxdı, hələ özünə gəlib qışqırmağa macal tapmadan, hədə ilə ona dedim: – Diri qalmaq istəyirsənsə, səsini çıxarma! O, bu sözləri eşitdikdən sonra, tapançanı alnına söykəyən əli tanıdı, bir titrək, birdən-birə batmış kimi çox asta çıxan bir səslə: – Əbülhəsənbəy, sən bizimlə bunun üçünmü tanış oldun? – dedi. – Şərqlilər... Sən gecənin bu vaxtında məni qorxutmaq və... gəldin? Heç bir sözüm yoxdur, mənimlə istədiyini edə bilərsən, ancaq onu da bil ki, mən Ninanın bacısıyam. Uzun danışmağa vaxt yoxdu, mən onu sakit etmək üçün məsələni açmalı, tezliklə işi bitirməli idim. – İraida, sakit ol, mən bura şərəfsizlik üçün deyil, səni böyük bir şərəfsizlikdən qurtarmaq üçün gəlmişəm, – dedim. – Sən yenə də məni əvvəldə tanıdığın kimi tanımalısan, mən sənə qəsd etmək istəmirəm. Məni Mahmud xana satdığın, məni zəhərləmək, Ninanı da özün kimi bədbəxt etmək istədiyinə qarşı da heç bir söz demirəm. Bunun müqabilində mən səni iki böyük şərəfsizlikdən və tarixi xəyanətlərdən saqındırmağa çalışıram. Mən heç bir zaman Ninanın bacısının sərdar Rəşid kimi namussuzların vasitəsilə satılmasına və bir çar casusu kəsilməsinə imkan verməyəcəyəm. İraida, sən bir yaxşı düşün, atan kim idi? Çar üsuli-idarəsi ilə mübarizə aparan bir kişinin qızı, çar hökumətinin bir casusu kimi işləmək istərsə, onu cəzalandırmaq lazım deyildirmi? İraida utanır, nə edəcəyini bilmir və düşünürdü. dü K il 3 k. mi TE m. M. . C , “əə "İd Mən yenə: – Sən İrana çar konsulunun əlində alət olmaq və namussuz yolları təqib etmək üçünmü gəldin? – dedim. – Əcəba, sən Nina ilə birlikdə yaşaya bilməzmi idin? Duril Paltarlarını geyin! Uzun danışmağa vaxt yoxdur, tez dur! Qorxma! İraida: – İnanıram, – dedi, – mən öldürməyə aparırsan, məni bağışla, hər cür diriliyə razıyam. Məni öldürməyəcəyinə söz ver! – Qəlbindəki sirləri gizlin saxladıqda və bu hadisə haqqında kimsəyə bir söz söyləmədikdə getdiyin yeni mənzildə kimsəyə xəbər vermədən yaşadıqca diri qalacaqsan. Sənə hörmətdən başqa bir şey göstərilməyəcəkdir. Onu da bil ki, bu həyatın çox davam etməyəcəkdir, çünki Səməd xanların, sərdar Rəşidlərin ömrü uzun deyildir! Qalx, yalnız əyin paltarlarını götür! O, qalxıb paltarlarını böyük bir çamadana yığdı və mənim tələbim üzərinə qara ipək çarşafını başına salaraq, evdən çıxmağa hazırlaşırkən: – Bir az dayan! – dedim. – Sərdar Rəşidə bir məktub buraxmağın lazımdır. Otur, dediklərimi yaz! O oturub yazmağa başladı: Möhtərəm sərdar Rəşid! Sən bilirsən ki, biz ayrılmalı idik. Məni nə sənin böyük vəzifə daşıdığın, nə mənə verdiyin sərvətlər, nə də müsəlman etmək üçün təkrar etdirdiyin şəhadət kəlmələri sənə bağlaya bilməzdi. Çünki mən general-konsulun vasitəsilə evinə gəldiyim zaman yalnız sənin üçün gəldiyimi düşünürdüm. Nəhayət, az keçmədən, məni də öz bacın və öz birinci arvadın kimi sataraq özün üçün vəzifə qazanmağa başladın. Sən də çar sahib mənsəbləri kimi öz arvadının hesabına böyümək istədin, lakin məndə buna razılıq verəcək vicdan yoxdur. Məcburi olaraq Rusiyaya qayıtdım. Sənin evindən öz paltarımdan başqa heç bir şey götürmədim. Səlamət qal. İraidaə. Çamadanı özüm götürüb onu faytonun yanına kimi ötürdüm. Vidalaşarkən ağladı və: – Məni unutmayın, - dedi. – Mən bu vaxta qədər insan kimi yaşamadımsa, bundan sonra namuslu insan həyatı keçirəcəyimi sizə söz verirəm. Ninanı məhəbbətlə saxla, onun qəlbinə toxunma! * * * İraidanın həbsindən sonra Səhər saat 7-də qapımız vuruldu. Gələn Nina ilə sərdar Rəşidin kiçik xidmətçisi idi. Qapını açan kimi, Nina saxta bir təşvişlə dedi: – Tez geyin gəl, İraida yoxdur! Beş dəqiqədən sonra onlarla bərabər Rəşidin evinə getdim. Nökərlər, qadın qulluqçuları, qonşular hamısı salonda toplanıb birbiri ilə pıçıldaşırdı: Mahru xanım dizlərini qucaqlayaraq divanın üstündə oturub matmat ətrafına baxırdı. Mən Mahru xanıma sual verdim. – Mahru xanım, bu nə deməkdir? – Heyrətdəyəm. O, axşam bizimlə birlikdə şam yeməyini yedi, saat on birə qədər oturduq, on birdə hər kəs öz otağına çəkildi. Səhər biz otaqdan dışarı çıxmaq istədiyimiz vaxt, qapıların daldan bağlı olduğunu gördük. Qulluqçular gəlincə, biz otaqda qalmışdıq. – Onun başına nə fəlakət gəldiyini bilmədinizmi? – Heç bir səs-küy eşitmədik. Budur məktub da yazıb qoymuşdur. Oxuyun! Mən haman saat məktubu aldım. Bu məktub bir tərəfdən konsulu, digər tərəfdən də sərdar Rəşidi ifşa etmək üçün bir vəsiqə idi. Məktub sərdar Rəşidin əlinə keçsəydi başqasına göstərmədən gizlədərdi, çünki İraidanın məktubu onun bütün namussuzluğunu ifşa edirdi. Məktubu Nina da oxudu və hər ikimiz: – Zavallı qadın qaçmağa məcbur olmuşdur, – dedik. Hələ biz orada ikən Hacı Səməd xanın və konsulun göndərdiyi adamlar gəldi. Mahru xanım onlara da bizə dediklərini söylədi. Onlar Mahrunun ifadəsini yazdı və İraidanın yazdığı məktubu tələb etdikdə mən: – O məktubu şəxsən cənab generala verməliyəmi – dedim. Konsulxanaya Nina ilə bərabər getdim. Konsul və onun ailəsi bu hadisə ilə çox maraqlanırdı. Onlar İraidanın getməsinə inanmırdı. Onların fikrinə görə, bu hadisə Hacı Səməd xanın sərdar Rəşidə qarşı bəslədiyi düşmənçilik nəticəsində düzəlmiş və İraidanı sərdar Rəşidi Təbrizdə nüfuzdan salmaq üçün aparmışlar. Biz içəri girəndən sonra bu fikir tamamilə dəyişdi. İraidanın yalnız öz şeylərini alıb nə kimi məcburiyyətlə getdiyinə dair məktub buraxdığını eşidərkən sakit oldular. Konsul məktubu oxuyunca rəngi dəyişdi: çünki məktub qismən onu da ifşa edirdi. O, məktubu mənə çox böyük bir tərəddüdlə qaytardı. Ninanı da çağırdı. O bizi balkonda, səhər çayı üçün hazırlanmış stolun yanında əyləşdirdi və dedi: – Bu hadisə mənim üçün gözlənilməyəcək bir zərbədir. Mən bu ağır kədərinizdə sizə şərik olmaqla bunu da deməliyəm ki, mən İraidani Rəşidə ərə getməyə razı saldığım vaxt, sərdarı tanımamışdım. Heç şübhə yoxdur ki, mən sərdar Rəşidi məktubda yazılan bir şəxsiyyət kimi tanımış olsaydım, heç vaxt İraidanın belə bir çirkabın içərisinə düşməsinə razılıq verməzdim. Buna siz inanın. Ancaq mən sizdən bir şey rica edəcəyəm. Bu məktubu kimsəyə göstərməyin. Sərdar Rəşidi nüfuzdan düşürə biləcək heç bir təşəbbüsdə bulunmayin, çünki sizə də məlum olduğu üzrə, biz onu böyük bir vəzifəyə hazırlayırıq. Məmləkəti idarə etmək üçün lazımi adamlar yoxdur. Hacı Şücaüddövlə xəstədir, işləri apara bilmir. Sərdar Rəşidin bu hərəkətinə gəldikdə, onu mən məzəmmət edərəm, siz isə İraidanın qeydinə qalmalı və onun dalınca adam göndərməlisiniz. Hərgah o, burada yaşamaq istəmirsə, pul və məsarif barəsində yardım göstərəsiniz. Ninanı çağırdılar. Bu konsulun tədbiri idi. Mənimlə təklikdə danışılacaq bir söhbəti var imiş. O, bir siqar yandırıb çəkdi və dedi: – Mən sizi bir neçə gün bundan qabaq çağırıb söhbət etmək istəyirdim, amma boş vaxt tapa bilmirdim. İndisə fürsət əldə ikən bir məsələ haqqında danışmalıyıq. Vaxtınız vardırmı? – Buyurun, cənab general, – dedim, – mən dinləməyə hazıram. Konsul qaşlarını dartaraq: – Məsələ olduqca çətin və dolaşıq bir məsələdir, – dedi. – Nina xanımın başqasına ərə getməsi haqqında heç bir söz ola bilməz. Qızın özü də buna razı deyildir. Lakin Mahmud xan da dediyindən əl çəkən adam deyildir. Bu barədə sərdar Rəşidin də fikri başqadır. O, dəxi Səməd xanın adamları ilə sıxı əlaqəyə girməli və yerini, nüfuz və hökmünü indidən möhkəmlətməlidir. Cənab generalqubernator də bunu məsləhət görür. O sizə bəslədiyi səmimi dostluq əlaqəsini iqrar etməklə bərabər, Ninanın Mahmud xana verilməsi tərəfdarıdır. Bu barədə hələ rəsmi olmasa da, o mənə müraciət etmişdir. Mən sizin də fikrinizi bilmək istərdim. Çünki Nina məsələsi yalnız bir qızı ərə vermək məsələsi deyildir. Burada bizim İranda apardığımız siyasətin də interesi vardır. Siz bilirsiniz, istər sərdar Rəşid, istərsə də Mahmud xan bizə lazım olan adamlardır. Onu da sizə söyləmək istəyirəm ki, Ninanın Mahmud xana ərə getməsi nəticəsində, bizim sizinlə olan dostluğumuza heç bir xələl dəyməyəcəkdir. Xüsusən mənim ailəmdə sizə qarşı başqa bir fikir mövcuddur ki, o barədə Nina Mahmud xana getdikdən sonra danışa bilərik. Konsul Ninanı Mahmud xana vermək üçün məni razı salmağa və məsələni ixtilafsız həll etməyə çalışırdı. Hələ bir neçə gün bundan əvvəl mənim rusca savadlı olub-olmamağımı soruşur və ixtisasım haqqında məlumat toplayırdı. O mənim Rusiyada texniki məktəbi bitirdiyimi eşidərkən sevinərək bunu arvadına və qızlarına söyləmişdi. Bununla çar konsulu Ninanın yerinə öz dul qızını mənə təklif etməyə hazırlaşırdı. Mən konsulun dediyi sözlərin cavabını çox da yubandırmaq istəməyərək dedim: – Mən cənab generalın iradəsi xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam. Mənim hər bir məsləhətim, hazırkı yaşayışım və gələcəyim dəxi sizin iradənizdən asılıdır. Konsul bu sözümdən ruhlandı və arvadı Anna Semyonovnanı çağıraraq: – Baxnə tərbiyəli bir insandırİl – dedi. – O, bütün müqəddəratını bizə tapşırır və iradəmiz xaricində iş görməyəcəyini təkrar edir. Mən sözümü davam etdirərək söylədim: – Mən Ninanın xoşbəxt olmasını istəyənlərin birincisiyəm. Mən heç vaxt onun səadətinin yolunda tikan əkmək istəmirəm. Xüsusən mən Mahmud xan kimi böyük və nüfuzlu bir hökumət adamı ilə başbaşa vuran adam da deyiləm, mən tacir bir adamam. Mahmud xanın da mənə qarşı ədavət bəslədiyinə inanmıram, çünki mən bu məmləkətin dinc və heç kəsə zərəri dəyməyən bir vətəndaşıyam. Zənnimcə, cənab general da, onun ailəsi də mənim şəxsi tərbiyəmdən xəbərdardır. Hərgah cənab generalın üzərimdəki himayəsi mövcud olmasaydı, mən çoxdan bəri bu məmləkətdən yığışıb getmişdim. Mən sizə söz verirəm, heç bir zaman Ninanın sərbəstliyinə zərər verəcək hərəkətdə bulunmayacağam. Zənn edirəm ki, mən bu məsələyə maneə törətmədiyim üçün Mahmud xanın mənə qarşı zərərli fikir daşıması da yersizdir. Konsul əlini çiynimə qoyaraq dedi: – Sizə qarşı heç bir zərərli hərəkətdə buluna bilməz. Buna biz də imkan vermərik. Nina məsələsinə gəldikdə, necə ki, dedim, yenə də deyirəm, bu siyasi bir məsələdir. – Hərgah Nina bu xoşbəxtliyi təqdir edirsə, mən də onu təbrik elərəm. Konsulun arvadı Anna Semyonovna sözə qarışaraq qeyd etdi: – Mən generalın fikrilə hesablaşa bilmirəm. Nina Əbülhəsənbəyin onu rədd etdiyini, başqası ilə evləndiyini bir həqiqət olaraq yəqin etməzsə, o heç vaxt Mahmud xana ərə getməyə razı olmaz, çünki qız ürəyi siyasi məqsədlər və diplomatik düşüncələrlə deyil, öz meyili və arzuları ilə hesablaşır. Nina bunu sevir, madam ki, bu bir qıza nişanlanmamışdır, Nina heç bir zaman qəlbindəki sevgini başqasının sevgisi ilə əvəz etməyəcəkdir. Buna görə də, Əbülhəsənbəyin evlənməsini Ninanın ərə getməyindən qabağa salmalıyıq. Konsul: – Etirazım yoxdur!— dedi. Mən durub salona keçdikdə, Ninanı görmədim, o öz iş yerinə getmişdi. Orada konsulun böyük dul qızı Olqadan başqa kimsə yoxdu. O, kitab şkafindakı lüğətlərə baxmaqla məşğul idi. Məni görərkən əlini şkafdan çəkdi: – Bah, mən heç sizin burada olduğunuzu güman etmirdim, – dedi, – mən elə bilirdim ki, siz atamla bərabər çıxıb getdiniz. Bax gör nə gözəl kitablarımız vardır. Mən kitab şkafına yaxınlaşarkən o da əlini çiynimə qoyaraq məndən soruşdu: – Doğrudurmu siz daha Nina ilə evlənmək istəmirsiz, ondan vaz keçmişsiniz? – Evlənmək üçün kişinin ağlı deyil, qadınların rizası lazımdır! Olqa: – Elə deyil, – dedi, – çox da mən birisinə ərə getməyə razıyam, mən ərə getmək istədiyim zatın rizası olmazsa bir nəticə çıxarmı? – Razılıq qarşılıqlı olmalıdır! – Sizin hiss və istəyiniz qarşılıqlı deyilmi? – Onu düşünməmişik. Biz bu günə qədər evlənmək və ərə getməkdən heç bir söhbət açmamışıq. – Yaxşı da etmişsiniz, çünki o sizə ərə getmək istəmir, o, Mahmud xana gedir. – Gedirsə, təbrik etmək lazımdır! Bu söhbət uzanacaq idi. Nadeida və Anna Semyonovna gəldi. Gəzmək üçün bağçaya düşdük. Olqa daha yanımdan ayrılmırdı, bütün söhbəti məndən və mənə qarşı bəslədikləri məhəbbətdən idi. Onlar Ninanın ailə qurmağa qabil bir qız olmadığından danışırdılar: o, qanı soyuqmuş, o yaxşılığı təqdir etməyən bir qızmış. Ondan xilas olmaq mənim üçün bir səadət imiş və s. Mən sərbəst düşünmək üçün buradan qurtulmaq üçün bəhanə axtarırdımsa da, bir şey çıxmırdı. Hovuzun yanında qoyulan stullara çatdıqda Olqa anasına müraciətlə: – Biz burada oturmalıyıq, – dedikdə, onlar ayrılıb getdilər. Biz oturduq. Olqa quzuqulağı otlarının ucundakı ağgülləri qoparıb suyun üzərinə düzməklə məni əyləndirdikdə, mən də başımda dolaşan qarışıq fikirləri bir-birindən ayırmağa, hər birisi haqqında ayrıca düşünməyə çalışırdım. Lakin bu mümkün deyildi. Beynimdəki əhatə qüvvələri pozulmuş kimi idi. Nəçi olduğumu və nə iş görəcəyimi unutmuşdum. Son günlərimi yalnız qadın münaqişələri doldurmuşdu. Qadın məsələsinin dolaşıq torları içərisində ilişib qalırdım: xüsusən konsulun son hiyləsi və qızının saxta sevgi söhbətləri məni təhqir edir, fikrimi daha da dolaşdırırdı. Bir tərəfdən də Ninanı düşünürəm. İran inqilabına ciddi bir xidmət göstərmiş və bütün varlığı ilə, qanı ilə, sevgisi ilə mənə qarışmış Nina təhlükə qarşısında idi. O, bir çar diplomatının əlində alət olaraq Mahmud xan kimi rəzil və sərxoş bir adama satılırdı. O biri tərəfdən amerikalı qızın taleyi qarşısında da məsuliyyət hiss edirdim. Onu rədd etməklə bərabər namusunu da müdafiə etmək lazımdı. Qarşımda duran düşmənlər isə çar diplomatları, Azərbaycan valisi, Təbriz şəhərinin komendantı və gündə əllisinə satılan Hüsni xanım, Xoşu xanım, Səlimə xanım, Pərirux, Şuxşəng və sairələr idi. Üçüncü tərəfdən də İraida məsələsi meydana çıxmışdı. Onun əlində olan sirlərin gizlin qalması üçün onu həbs etmək lazım olmuşdu. Bizi təhlükədən qurtarmış və sirdaşımız Mahru xanımı da sərdar Rəşidin əlindən qurtarmalıydıq. Mən bunları düşünür və içimdə ilan kimi qovrulduqca, konsulun qızı da, bu biri tərəfdən beynimə və qəlbimə yol tapmaq istəyirdi. O, çiçəkləri suya düzür, fontanın qətrələri onları sahilə qovur, onları bir-birindən ayırır, sonra toplayır, qoşalaşdırır... Qız isə mənalı: – Bax, çiçəklər də qucaqlaşır! – deyir və mənə öz qordarma sevgisini elan edir, atası tapşırdığı rolu məharətlə oynamağa çalışırdı. Qız hər şeyi açıb dedi: ata-anasının bütün məni evləndirmək planlarını söylədi. Onun dediyinə görə işin tamam olması üçün izdivac ziyafətindən başqa heç bir şey qalmamışdı. Mən qıza ancaq: . – Bunların hamısı cənab generalın iradəsindən asılıdır, – dedim. * * * Təsvic kəndinə qədər İraidanı ötürmək üçün gedən Məşədi Kazim ağa və Tütünçüoğlu qayıdıb gəlmişdi. Məşədi Kazım ağa bu səfərindən olduqca məmnun qalmışdı, çünki Təbriz inqilabına para ilə yardım etməsinə baxmayaraq, o, şəxsi fəaliyyət göstərməmişdi. İndicə böyük bir təşəbbüsdə iştirak etdiyi zənnilə çox məmnun idi. Onlar iki məktub gətirmişdi: məktubun birisi Ninanın, ikincisi isə mənim adıma idi. Mənə yazılan məktubun məzmunu bu idi: «Möhtərəm Əbülhəsənbəyl Mənim yeni mənzilim çox yaxşıdır. Havası sərindir, yaşıllıqları var. Yaşadığım binanın gözəl bağçası vardır. Mən sizin bu qədər nüfuz sahibi olduğunuzu bilmirdim, hərgah bunu bilmiş olsaydım, xəyanət etmək fikrinə düşməz, Ninanı Mahmud xana verməyə razı olmazdım. Bunların hamısı keçmişdir. Mən sizə bir neçə mühüm xəbər verməyi lazım bildim. Sərdar Rəşid Mahmud xanla görüşüb danışdığı zaman sizin ödürülməniz məsələsi də müzakirə edilmişdi. Ancaq onlar konsul cənablarından qorxurlar. Konsul Ninanın Mahmud xana verilməsinə tərəfdar olmaqla bərabər, sizinlə olan əlaqəni də möhkəmləndirməyə səy edir. Onlar qızlarını sizə verməyə çalışırlar ki, bu da sizin sərvətinizə və Ninanın əlində olan bahalı zinətlərə yiyələnmək xatiri üçündür. Doğrusu, sizi aldatmaq istəyirlər. İkinci demək istədiyim Ninanın kitabları arasından vəsiqə götürməyimdir, onu da bilirəm ki, bunun üçün də məni cəzalandırdınız. Əbülhəsənbəy, sizə və Ninaya and içirəm ki, mən haman vəsiqəni itirmişəm, onu Mahrunun götürdüyünü yəqin etdimsə də, o, inkar elədi. Hazırda mənim həbs edilməyimlə sizin sirləriniz dəfn edilmir, o sirlər Mahrunun əlinə keçmişdir. Siz hər halda onun da qeydinə qalmalısınız. O, çox şübhəli qadındır, siz ondan qorxun! Mən bu vəziyyətə düşəcəyimə heç də inanmırdım, məni bu vəziyyətə salan general-konsul oldu. Sizdən rica edirəm, Ninanın mənim günümə düşməməsinə çalışınİ Siz mənə nəzarət üçün təyin etdiyiniz adamlara yazıb, onları inandırın. Mən o xəyanətlərimdən utanıram, bir də elə xəyanətlərə iqdam etməyəcəyəm, buna görə də onlar məni bir az azad buraxsınlar. Ninaya tapşırın ki, mənə kitab göndərsin. Bədbəxt İraidaə Ninanın dalınca da adam göndərmişdim. Yarım saat keçməmiş o da gəlib çıxdı və Məşədi Kazım ağanı görən kimi xəbər aldı: – Səfəriniz necə keçdi? – Çox pakizə! – İraida özünü necə hiss edir? – Çox gözəl, xüsusən yaşadığı binadan və binanın bağçasından çox razıdır. Onun qulluğunda qardaşımın iki qızı durur, onun istirahəti və xoş yaşaması üçün hər şey hazırdır. Sizə məktubu var. Nina məktubu alıb oxudu: Köziz bacım Nina! Sən ağılsızlığımı kiçikliyimizdən bilirsən. İşləri gətirib bu yerə çıxaran mənim öz ağlım oldu. Nina, sən general-konsula inanma! Məni bu günə qoyan onun məsləhətləridir. Sən öz yolunu dəyişmə. Getdiyin yaxşı yoldur, mən indi ayılmışam, keçən günlərim gün deyilmiş! Anama məndən heç nə yazma! Mümkün olsaydı özüm yazardım. Heç nəyə ehtiyacım yoxdur, ancaq səni görmək istəyirəm. Nina, sən qızlıqda oxuduğun romanların qəhrəmanlarına bənzədin, sən böyük bir şəhərin altını üstünə çevirməyi bacarmışsan. İraidaə. Nina İraida məsələsinin ağrı-acısız həll olunduğu üçün əlimi sıxıb təşəkkür etdi. Söz konsulxanadakı hadisələr üstünə gəldikdə o: – İntibahnamələr konsulu tamamilə sarsıtmışdır, – dedi. – Gizlin teleqramların Təbriz divarlarına yapışdırılmasını alman agentlərindən görürlər. Konsulxanada bərk təmizlik aparılır. Çıxarılmalı və məsuliyyətə alınmalı işçilərin siyahısı tutulmuşdur. Mən Ninaya sual verdim: – Orada sənin də adın vardırmı? – Xeyr, yoxdur, lakin bizi gözləyən bundan daha böyük, daha dəhşətlidir. Konsulun Mahmud xan barəsindəki fikri qətidir. Bunu konsulun böyük qızı Olqa mənə xəbər vermişdir. Qız məni sevir, o bizim həyatımızın pozulmasına razı deyildir. – Nina, sən buna inanma! – Sən də qızın sənə ərə getmək istərəm deməsinə inanma! Çar diplomatı şeytandan çox bilir. Qızı sənə yaxınlaşmağa və sevgi elan etməyə məcbur eləmişlər. Lakin Mahmud xan evləndikdən sonra sənə Mahrunu təklif edəcəklər. Bunların hamısını konsulun qızı mənə xəbər verdi. Mən güldüm: – Demək ki, mən gələcəkdə Mahru haqqında da düşünməliyəml – Bəli, onda sən Tütünçüoğlu ilə də rəqabətə başlayacaqsan. Çünki Mahru ilə Tütünçüoğlu bir-birini sevir. O susdu. İndi onun çöhrəsi yeni kədərlər və yeni qəmlər ifadə edirdi. Onda yenə ortalığa boşalmaq istəyən ürəkdeşən dərdlər var imiş. – Hadisələr içində dolaşıb qalmışam. Nə yediyimi, nə də içdiyimi bilirəm. Ən rəzil adamlar haqqında düşünmək, lazım gəlirmiş. Budur, Mahmud xanın məktubu! Bunu oxuyarkən insan qeyri-iradı qışqırmaq və çıldırmaq dərəcəsinə gəlir. Məktubu mənə verərkən o ağlayırdı. «Gözəl Nina! Şübhəsiz ki, cənab general və onun xanımı, haqqımda sizə buyurmuşlar. Buna görə də mən sizin sükutunuza heç bir məna verə bilmirəm. Əlhəmdulla, sizin özünüz məni tanıyırsıniz, bilirsiniz ki, Təbrizin həqiqi sahibi yalnız Mahmud xandır. Hacı Səməd xanın sağ əli və əmisi oğlu olmaqla bərabər Marağa şəhərinin böyük mülkədarıyam. Mənə yəqin olmuşdur ki, o yoxsul və əlindən heç bir iş gəlməyən tacir sizi alsa da saxlaya bilməz. Hərgah siz ondan qorxursunuz, mən onu bir gecənin içərisində Təbrizdən yox etdirərəm. Mən sizi istədiyim zaman küçənin birisində götürüb faytonuma qoyub apara da bilərəm, lakin bu iş cənab generala qarşı bir hörmətsizlikdir. Çünki siz onun ailəsinə daxilsiniz. Məni səbir etməyə vadar edən də budur. Cənab generalın ailəsinə mənsub bir qızla evlənmək bizim tayfamız üçün də böyük bir şərəfdir. Sizə tapşırıram, bir də o tacirlə görüşməyəcək və onu evinizə buraxmayacaqsınızl Hərgah o öz şeylərindən ötrü haman evi öz evi hesab edirsə, onları göndərəcəyim şeylərlə əvəz edə bilərsiniz. Cavab gözləyirəm. Mahmud xanə. Məktubu oxuduqda mən gülürdüm, çünki Mahmud xan işin tamamilə bitib qurtarmış olduğunu zənn edirdi. Bitməyən bir iş varsa, o da Ninanın faytona qoyulub onun evinə göndərilməsi imiş. Gülərək Ninaya dedim: – Düşünməyə lüzum yoxdur. Hər iş yerindədir. Bu barədə həm Həsənağa, həm də Tütünçüoğluna lazımi göstəriş verilmişdir. * * * Məqsədə doğru Müharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi. Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək: – Eşq, məhəbbət məktubunu gündüz yazmaq cayiz deyil, – dedim, – onu gecə saat birdən sonraya buraxmalısan. – Eşq, məhəbbət məktubu yazmağa lüzum qalmadı, onu göndərəcəyim adam hazırda qarşımdadır. – Buna inanmaq olurmu? – Sənin mənə inanmamağına heç bir əsas yoxdur! Yazdığım kağızı mən heç bir kəsə göstərməməliyəm. Lakin səni şübhədən çıxarmaq üçün göstərirəm. – Mən ingiliscə oxuya bilmirəm. – Elə isə dinlə özüm oxuyum. Kağızı oxudu. Orada yaxında çağrılacaq bir iclasın gündəlik müzakirəsi yazılmışdı, buradan bir şey anlaşılmadı. Miss Hanna izahat verərək: – Müharibə olacağı qətidir, – dedi, – bu iclas Amerika ticarət müəssisələrinin təsviyyə edilməsi məsələsini müzakirə eliyəcəkdir, çünki İran tacirləri belə zamanlarda çox tez-tez iflas edə bilər. Buna görə də ticarət müəssisələrinin kreditləri dayandırması və əldə olan malları da ucuz qiymətlə buraxmaması lazımdır. Mən yenə də Məşədi Kazım ağanın varlanacağını düşündüm. Miss Hanna Şümşad xanımın az-az, hətta bəzən üç gün təxirlə gəlməsini söyləyib, buna təəccüb etdiyini də bildirdi. Xidmətçi qadın miss Hannanı çağırdı, qız durub getmək istərkən onun koftasının cibindən bir kağız düşdü. Kağızı götürdüm. Oxumağa fürsət olmadığından cibimə qoydum. Durub getməyə tələsirdim. Buna bir bəhanə olmaq üçün soruşdum: – Sən bir yerə getməyəmi hazırlaşırsan? – Xeyr, axşam saat beşdə gedib səkkizdə də evə qayıtmalıyam. Bura gələcəkmisən? – Bəlkə, gələ bilmədim, çünki Ələkbər yoldaş yalqızdır. Vidalaşıb çıxdım. Qapıdan bir az aralanmışdım ki, gizlətdiyim məktubu açıb oxumaq istədim. O, zəfəran suyu ilə yazılmış bir məhəbbət duası idi. Mən Şümşad xanımın onu dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. Qız özü də bunu mənə demişdi. Kağızı cibimə qoyub birbaş Məşədi Kazım ağanın hücrəsinə gəldim. O, dizlərini qucaqlayıb oturmuşdu. Kədərli idi, çünki bu günlər Təbriz tacirləri çox böyük kasadlıq çəkirdi. O, məni gördükdə özünü düzəltdi. Xəbər aldım: – İşlərin necə gedir? Konsulxana vasitəsilə para qazana bilirsənmi? – Qazanıram, amma bu qazancla milyonçu olmaq mümkün deyildir! Hərçənd məsarif ödənir, bir az artıq da qalır, lakin bu qazanclar sandıq dolduran qazanc deyildir. – Sənə sandıq dolduran bir qazanc yeri göstərəcəyəm. Müharibə başlanacaqdır. Ticarət karvanlarının yerinə hərbi ləvazimat karvanları işə düşəcəkdir. Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də çox ağır qiymətə duracaqdır. Sizə tövsiyə edirəm, anbarları dolu saxla, bacarsan anbarların yerini dəyişdir, qiymətli mallarını evdən anbarlara daşı, çünki müharibə zamanı çar konsulu bəzi şeyləri ordu ehtiyacı üçün müsadirə edə bilər. Bu burası. Başqa bir qazanc yeri də göstərəcəyəm: amerikalıların ticarət müəssisələrində hər nə malları varsa al. Onun gözlərinə sanki təzə bir işıq verildi, ayağa qalxaraq gözlərimə baxdı. – Mən ölüm, düzmü buyurursunuz? – deyə soruşdu. – Həqiqəti söyləyirəm, vaxt keçməmiş özünü Amerika ticarət müəssisələrinə yetir! – Mənim malım, canım inqilab yolunda qurbandır. İnqilab üçün də qazanıram. Hələ de görüm bəs siz sərf etdiyiniz pulu haradan alırsınız? Nə üçün evdən pul götürmürsünüz? – Mənə pul lazım deyildir, ancaq bilmirəm Ninanın aylıq iki yüz tümən məsarifi göndərilirmi? – Hərgah göndərilməmişsə göndərmək lazımdır. – Əfv edərsiniz. Sizin sözünüzdən çıxmışam! – Necə yəni sözümdən çıxmışsınız? – Çünki xanıma ayda beş yüz tümən göndəririk. Böyük şeylər üçün də əlahiddə pul verirəm. Qoy deməsin ki, İran inqilabçıları xəsisdir. O mənim sözümə inanmırdı, bir daha sual verdi: – Doğrudan da, Amerika ticarət müəssisələrinə gedimmi? -Yalnız Amerika deyil, Təbrizdə olan bütün ticarət müəssisələrinin yanına baş vur, nə qədər lazımlı mallar varsa başını bağla. O mənə inandı, durub əlimi sıxdı və dodaqlarımdan öpdü. Onunla hücrədən birlikdə çıxdıq. O, ticarət kontorlarına, mənsə Ninanın evinə gəldim, çünki o, Mahmud xanın qorxusundan küçəyə çıxa bilmirdi, konsulxanadakı vəzifəsinə də getməyəcək idi. Qapını vurdum, bir qədər gözlədikdən sonra ayaq səsindən tanıdığım Məcid gəldi, qapının dalısında durub soruşdu: – Kimsən? – Oğlum, mənəm, aç qapını, – dedim. Qapını açdı. Əlini əlimə alaraq yuxarı çıxdım. Ninanın halı çox pozğundu. Onun kefini sordum, nəyə ehtiyacı olduğunu xəbər aldım. O, titrək səslə dedi: – Sən ehtiyatlı ol! Mahmud xan səni məhv edəcəkdir. O səni təqib edir, bura gəldiyini görən kimi səni öldürəcəkdir. O, mavi gözlərini mənim ağzıma diriyərək cavab gözləyirdi. Mən: – Baxarıq, kim kimi məhv edəcəkdir, – dedim, – biz ondan çox qüvvətli feodalları, Rəhimxanları, Şucanizamları məğlub etdik, onu da məğlub edəcəyik! Nina yenə də ağladı. O bu günlər inqilabçıya yaraşmayan bir şaşqınlıq göstərirdi. – Mən özümü zəhərləyəcəyəm, sən də buradan get! – Nə mən gedəcəyəm, nə də sən ölməlisənl Hərgah sən konsulun və Mahmud xanın iradəsinə razı deyilsənsə, bütün dediklərinə sükutla cavab ver! Qorxma, bütün çətinliklərin içərisindən qalibiyyətlə çıxacayıq. kokokk Bu gün heç bir yerə getməmişdim, çünki sərdar Rəşid mənim görüşümə gələcəkdi. Axşam üçün müxtəsər hazırlıq düzəltmək lazım idi. Mən bu hazırlığı Məşədi Kazım ağaya tapşırmışdım. O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı. Axşam saat beşdə Məşədi Kazım ağa işindən məlumat vermək üçün mənim yanıma gəldi, bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi. Mən ondan soruşdum: – Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır? – Onların nə qədər dəyərli şeyləri varsa 25 faiz nəqd, 75 faiz on bir ay vədə ilə alıb bitirdim və gətirib anbarlara yığdım. – Sabah səhər tezdən Almaniya, Avstriya müəssisələrinə soxularsınız. Müharibə başlanır, daha İrana nə alman, nə də Avstriya malları buraxılacaqdır. Məşədi Kazım ağa İranın ayaq altında əziləcəyini, məmləkətin cahangirlər üçün hərb səhnəsinə dönəcəyini və bundan kəndlilərə dəyən zərərləri nəzərə almayaraq müharibəni səbirsiz bir surətdə gözləyirdi. O da başqa tacirlər kimi müharibəni yalnız şəxsi istifadəsi üçün alqışlamaqda idi. O, hər söz başında əllərini bir-birinə çalaraq: – Görək inqilab bizə nə verəcəkdir? – deyə danışırdı. Mən isə ona daima belə cavab verirdim: – İnqilab sizə milyonlar verdi, siz də inqilaba hərtərəfli yardım göstərməlisiniz, – deyərkən o: – Malım da, canım da, inqilaba qurbandır, – deyə cavab verirdi. – Öl deyir, ölüm: qal deyirsə, qalım, daha nə buyurarsınız? Saat 7-də qapımızda iki fayton dayandı. Gələnlər sərdar Rəşid və mühafizəçiləri idi. Sərdar özü mən oturduğum otağa, xidmətçi və mühafizəçiləri isə başqa otağa qəbul olundu. Rəsm və təarifdən sonra ona qəlyan gətirdilər. O mənimlə ikilikdə danışmağı rica elədi və sözünü belə başlayıb qəmginliklə dedi: – Bizim başımıza gələn fəlakət çox böyükdür, xanımın məndən bixəbər çıxıb getməsinə heç bir məna verə bilmirəm. İndiyə qədər bir kərə də olsa xanım öz həyatından narazılıq göstərməmişdi. Hərgah sizin cənabınıza bu barədə bir söz demişdisə, ondan xəbərim yoxdur. – Mənə heç bir söz deməmişdir. Sərdar cənabları, çox yaxşı bilir ki, İraida xanımın bizim ilə əlaqəsi yaxşı deyildi, son zamanlar görüşməmişdik. – Nina xanım bu barədə məlumat verə bilməzmi? – Mən Nina ilə də görüşmürəm. Cənabınız məsələdən xəbərdarsınız. Bilirsiniz ki, Mahmud xan bizim həyatımıza mümaniət törədir və onunla evlənməyə çalışır, mənsə o barədə düşünmürəm. Hərgah qızın özünün buna razılığı varsa getsin. Mənim heç də sözüm yoxdur. Nə edə bilərəm? Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı: – Ağa, sizin başınıza and içirəm, hərgah o qız Mahmud xana getsə sizin bir xoşbəxtliyinizdəndir, filvaqe bu millətin bizə ürəyi qızmır. Həqiqətdə də belədir. Onlar müsəlman dinini də yalandan qəbul edirlər. Əslinə baxsan onlar kəlməyi şəhadətini də yalandan deyirmişlər. Mən o Allahın bəlasına gəlmişə, dinimizin bütün lazımi məsələlərini öyrətmişdim və bunun üçün evə dərs oxumuş arvad gətirib saxlamışdım. İraida namaz da qılırdı, oruc da tuturdu, sifati-səlbiyyə, sifatisübutiyyə, üsuldini, frudini, nə başınızı ağrıdım, hər şeyi bilirdi. Ancaq həqiqi müsəlman ola bilməyəcəyini bilirdim, çünki əşhədü ənla ilahə illəllah kəlməsini lazımınca deyə bilmirdi, dili dolaşırdı. Mən güclə özümü gülməkdən saxladım. – Bəli, dedim, – bütün işlər o kəlmənin başındadır. Bu kəlmədə, nədənsə, Ninanın da dili dolaşır, o da bunu bizim kimi deyə bilmir. Sərdar Rəşid əllərini uzadaraq tələsik bir surətdə dedi: – A bərəkallah! A bərəkallah! Belədir ki, var, o da müsəlmanlığı ürəyindən qəbul etməyibdir. Bacısı da belə idi. Ağa, siz onu bilin ki, islam dini ilə də zarafat etmək olmaz, ona xəyanətlə baxan xudavəndi-aləmin qəzəbinə giriftar olacaqdır! Cənab konsulun buyurduğuna görə o, evdən getdiyi zaman Lir para nalayiq sözlər də yazıb qoymuş, o kağız da cənabınızda imiş. Hər halda o cürə kağızlar bizim ailəmizin namus və şərəfini ləkələyə bilər. – O barədə düşünməyə lüzum yoxdur, çünki mən özüm məktubu Ninadan alıb yandırdım. Oradakı sözləri bir mən, bir Nina, bir də cənab general bilir. – Zatına, namusuna, qeyrətinə əhsən!.. – O, şad bir üzlə dedi. - Mən sizin nəcabətinizi çoxdan bilirəm. Onun üçün də Mahmud xan məsələsi çıxan gündən bəri, mən başqa bir fikrə düşmüşdüm. Hərgah cənabınız razı olsaydınız, bizim ailəmizə daxil olardınız. Zənn edirəm ki, Mahru xanım da Ninadan geri qalası qız deyil, gözəl və namuslu bir qızdır. – Orasında heç bir söz ola bilməz. Ancaq Mahrunun məsələsini başqa cür həll etmək istəyirdik. Onu mənim qardaşım sevir. Mahru xanımın özünün də etirazı yox imiş. Sərdar Rəşid bir az düşündü, onun bu sözündən razı qalmadığı bəlli idi. Lakin o, saxtakarlıqla gülüb: – Nəhayət, bu da bir səadətdir, – dedi, – yenə də cənabınızla bir yaxınlıqdır. Hərgah Mahru razıdır, bizim nə sözümüz ola bilər. Lakin rica edirəm ki, o məktub haqqında bir kimsə bilməsin. Yoxsa bizim şərəfimiz zayil olar. – Əmin olunuz! Sizə dost sözü verirəm. Bu halda Tütünçüoğlu da gəldi, onu bir daha sərdar Rəşidə təqdim edərək: – Bu mənim qardaşımdı, – dedim, – namuslu, fəaliyyətli, ədəbli bir oğlandır. Sərdar Rəşid: – Bizə də bu lazımdır! – dedi. Bu söz sərdar Rəşidin razılıq verməsi demək idi. Söhbətlər bitdi. Sərdar Rəşidlə bərabər şam süfrəsi başına keçdik, şam əsnasında sərdar Rəşid Mahru məsələsində lap yumşaldı. O, Tütünçüoğlu ilə çox səmimi danışırdı. Nəhayət, mənə sual da verdi: – Cənab ağa nə işlə məşğuldur? – Ayrılmamışıq, o da ticarətlə məşğuldur. Bu sözlər sərdarı bir daha əmin etmiş oldu. Bununla da bizim Mahrunu sərdar Rəşidin pəncəsindən qurtarmaq üçün düşündüklərimiz və bu barədə qıza verdiyimiz vədələr yerinə yetməyə başladı. Gecə saat birin yarısında, sərdar bizimlə vidalaşıb getdi. Biz isə qaraçı məhəlləsinə gedərək, Hüsni xanımın evini yoxlamalı və Mahmud xan məsələsi üzərində işləməli idik. Həsənağaya gəldikdə o da amerikalı qızın dalınca gəzir və mənim tapşırığımı yerinə yetirməyə çalışırdı. * * * Mən xəstə idim. Həsənağa mənim yanımda oturub özünə tapşırılan işdən danışırdı. Miss Hannanın ətrafında hazırlanan macəra belə bir nəticə ilə bitmişdi: qızın dediyinə görə miss Hama saat dördün yarısında işdən gəlib adəti üzrə Şümşad xanımı gözləyirmiş. Şümşad xanım saat beşdə gəlir, nahar yeməyini birlikdə yeyirlər. Süfrə yığışdırılanda miss Hanna Şümşad xanıma sual verir: – İndimi gedəcəyik, yaxud rahat olduqdan sonra getməliyik? – Biz hər kəsə bənzəmirik, elə vaxt getməliyik ki, bizi küçələrdə görən olmasın. Allah eləməsin ki, atam ya anam, yainki Rəfizadə mənim falçı yanına getdiyimdən xəbər tutsun. Əvvəlcə bir az rahat olmalıyıq. Axşam saat 8-də getsək daha yaxşıdır. Orada biz çox qalmayacayıq. Saat doqquzda evə qayıdarıq. Onlar ikisi də rahat olur. Axşam saat səkkizdə yuxudan qalxırlar, bir stəkan çay içincəyə qədər saat doqquz olur. Şümşad xanım heç də tələsmir, durub öz zinətlərini üstünə taxırdı. Miss Hanna onu da təqlid eləyirdi. Hər nə qədər qiymətli şeyləri varsa özü ilə götürmək üçün ağ bir boğçanın içərisinə yığır. Onlar eşiyə çıxdıqda miss Hanna öz xidmətçisi qadını çağırıb deyir: – Mən bu şeyləri konsulxanada əmanət qoymaq üçün aparıram. Hərgah o gəlsə deyərsən ki, saat 1-də evə qayıdacağam. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış qaraçılar dərbəndində olur, burası nə qədər qorxulu olursa-olsun, miss Hanna əsla düşünmür. Çünki o öz inandığı bir adamla bərabər olduqdan sonra nədən qorxacaqdı? Təbrizin məşhur səqqalərindən Tacı qızı Züleyxanın qapısını vururlar, bir azdan sonra uzunboylu və qarabəniz bir qadın qapını açıb onları içəri buraxır. Alçaq və qaranlıq bir dəhlizdən keçib uzunsov bir otağa girirlər. Otaq bir falçının otağına bənzəsə də, orada bir zənginlik gözə çarpır. Qadın onları otağa daxil elədikdə: – Oturun, qadanız qara fikirlinin canına! – deyir. – Xoş gəlibsiniz, səfa gətiribsiniz, dərdinizi deyin. Düşməniniz varsa puç elərəm, itkiniz varsa taparam. Səfərdəkilərinizdən deyərəm. Dalınızda danışan varsa dilini kəsərəm. Sevgiliniz getmişsə qaytararam. Hər işinizlə varam, qadanızı qovaram, bəxtinizi açaram, bircə ölü diriltməyi bacarmaram. Şümşad xanım və miss Hanna qalın döşəklərin üstündə əyləşir və Şümşad xanım sözə başlayaraq: – Ay Züleyxa xala, umudumuz göydə Allaha yerdə də sənədir, ikimiz də dərdliyik. Səni deyib gəlmişik, gərək bizim bəxtimizi özümüzə qaytarasan, – dedikdə qapı vurulur, çopur Səlimə də içəri girir, çünki onun amerikalı qızdan qarət ediləcək şeylərdə hissəsi var imiş. Miss Hanna heç bir şeydən şübhələnmir, o, Şərqin bu adətindən maraqlandığı üçün qadını dinləyir və anlamadıqlarını Şümşad xanımdan soruşur. Tacı qızı Züleyxa əvvəlcə Şümşad xanımın falına baxmaq istər. Şümşad xanım bütün zinətlərini yerə döşər və Züleyxanın ağzına baxaraq durar. Züleyxa bir kərə: – Üstündə qiymətli şeylər ola bilməz! – dedikdə Şümşad xanım qulaqlarındakı sırğaları, barmağındakı üzüyü, qolbaqları və boyunbağını də çıxarıb yerə tökür. Miss Hanna da burada çox yubanmamaq üçün öz üstündəki zinətlərini yavaş-yavaş çıxarıb, bağlıda gətirdiyi qiymətli şeylərə əlavə edir. Züleyxa miss Hannaya dönərək: – Gözünə qurban olum, yeməli qız, sən də şeylərini açıb yerə döşə, onların hamısına bir yerdə dua oxuyacağam. Miss Hanna Şümşad xanımın şeylərinin yanında öz boğçasını açır və şeylərini döşəməyə başlayır. Bundan sonra Züleyxa səslənir: – Nəzirlərinizi qoyun, xalanız sizə qurban! Şümşad xanım redikülündən beş osmanlı lirəsi çıxarıb Züleyxanın sağ əlinə buraxır, miss Hanna da təqlidlə beş lirə verir. Tacı qızı Züleyxa iki əllərini yerdə döşənmiş qiymətli şeylərin üstündə gəzdirib bəzi şeylər oxuyub ağzı ilə da onları püfləyir. Bu sözlərin hər birisini deyəndən sonra bir kərə əllərini şeylərin üstündə gəzdirib Hanna və Şümşad xanımın üzünə püfləyir. – Təbriz üstü dumanlı, dağlar başı dumanlı, bir pul, iki pul, üç pul, gedən, itən, tapıl. Ağacda yaşıl alça, dibində qara xalça, kəsilsin zəhərli dil, dəyərli gözlərə mil. Badam ağacda qala, tökülsün qadabala. Açılsın bəxti qızın, qurulsun taxtı qızın! Qızlar kamına çatsın, nabatı qəndə qatsın, su gəlib arxa dolsun, qara fikir puç olsun! Kərdidə mərzə, nanə, yaman göz odda yana! Baqqalda qara kişmiş, qara ürəklərə şiş!.. Tacı qızı Züleyxanın duası çox uzun çəkir, artıq miss Hannanın ürəyi sıxılır, o nədənsə şübhələnməyə başlayır. O, buradan tez çıxmaq üçün vasitə axtarırsa mümkün olmur, çünki falçının duası qurtarmır. Saat 12-nin yarısında amerikalı qız haldan çıxmaqda ikən qapı açılır, qabaqca Rəfizadə, onun dalınca da Mahmud xan içəri girir. Rəfizadə miss Hannanı görərkən: – Gənc xanım səfa gətirmişdir, – deyir. Siz əmin olunuz ki, sizin bura gəldiyinizi və burada bizimlə bərabər bir neçə saat vaxt keçirdiyinizi kimsə bilməyəcəkdir! Miss Hanna heyrətlə onun üzünə baxaraq acı-acı deyir: – Siz nə söyləyirsiniz? Ağlınızı şaşırdınızmı? Mən sizinlə... vaxt keçirmək?.. Rəfizadə deyir: – Siz ağıllı xanımsınız, buradan getdinizmi, burada qaldınızmı, fərqi yoxdur. Siz hazırda bir qaraçının evindəsiniz. Hər kəsi inandıra bilməzsiniz ki, sizi buraya aldadıb gətirmişlər. Hərgah siz bizim təklifimizdən boyun qaçırmış olsanız, mən sabah bunu Amerika konsulxanasında söyləyəcək və sizin qaraçı evlərində gəzdiyinizi xəbər verəcəyəm. Ən salamat və məsləhətli yol – burada bir neçə saat vaxt keçirməkdir. Hərgah siz buna razılıq versəniz burada qeyb edə biləcəyiniz bu qıymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! Miss Hanna daha heç bir söz danışmır, dönüb Şümşad xanımın üzünə baxır. Şümşad xanım isə ona nəsihətverici bir cavab söyləmir. Ancaq bir kərə: – Əlacımız nədir? Bir neçə saat burada oturmaq bizi öldürməz ki... – dedikdə, miss Hanna məsələnin nə yerdə olduğunu anlayır və özünü böyük təhlükənin qarşısında görür. Bu vaxt Tacı qızı Züleyxa da miss Hannanın qiymətli şeylərini toplayıb bağlayır və aparıb gizlətmək istəyir. Rəfizadə belə deyir: – Düşünmək artıqdır, vaxtı itirməyinl Bizim dostluğumuz olduqca qiymətlidir. Biz sizə söz veririk ki, bu sirri heç bir kəs bilməyəcəkdirl Siz həmişəlik öz vəzifənizdə qala biləcəksiniz. Əks halda buradan salamat qurtarmaq yoxdur və Hüsni xanım sizi buraya əbəs yerə gətirməmişdir. – Hüsni xanım kimdir? – Miss Hamna soruşar. – Mən onu tanımıram. Rəfizadə Şümşad xanımı göstərərək: – Budur, bu Hüsni xanımdır, – deyir. Miss Hanna Şümşadın üzünə təəccüb və qorxu ilə dolu bir nəzərlə baxaraq soruşar: – Siz Şümşad xanım deyilsinizmi? Hüsni xanım: – İndi artıq Hüsni xanım oldum, heç fərqi yoxdur. Onda da qadındım, indi də qadınam, qadının işi nədir? Kişi ilə qucaqlaşmaq, dodaq-dodağa qoymaq, can deyib can eşitmək. Miss Hannanın bütün umudları kəsilərsə də təslim olmamağı qərara alır. Rəfizadə və Mahmud xan isə üst paltarlarını soyunub qurtarar. Hüsni xanım isə şkafdan şərab şüşələrini və piyalələri gətirib ortalığa düzər, bir azdan sonra Şuxşəng və Pərirux xanım da gəlir, şərab süfrəsinin başına əyləşir. Birbaşa etdiyi söhbət Həsənağanı yorduğundan, o dayanıb nəfəsini dərdi. Söhbəti ən maraqlı yerində kəsib məni intizar qoymaq istəmədiyindən elə o saat sözünə davam etdi: 1 – Hələ eyşü-işrətə başlamamış mən qapını açıb bir əlimdə mauzer, o biri əlimdə dəhşətli bir bolqar bombası içəri girdim: – Tərpənməyin! – dedim, – yoxsa evi başınıza çökdürərəml Nəfəsinizi çəkdiniz məhv edəcəyəm! Hər kəs olduğu yerində quruyub qalmışdı. Mən Hüsni xanıma müraciətlə: – Qaraçı fahişəsil – dedim. Qulusultan sənə nə tapşırmışdı? Hüsni xanım titrək bir səslə cavab verdi: – Mən ona verdiyim vədimdən qaçmıram. Qız buradadır. Get xəbər ver, Qulusultan da gəlsin. – Kəs səsini! Qulusultan bu alçaqların artığına qalmamışdır, tez ayağa dur! Hüsni xanım qalxdı, mənim əmrimi gözləyib durdu. – Sən onların kəmərlərini açıb qollarını bağla! – dedim. – Yaxşı bağlarsan, görsəm ki, möhkəm bağlamırsan, bu saat səni öldürəcəyəm! Hüsni xanım əvvəlcə Rəfizadənin, sonra da Mahmud xanın qollarını möhkəmcə bağladı. Sonra mən Hüsni xanıma qışqırıb: – Bu falçının və buradakı fahişələrin də qollarını möhkəm bağla! – dedim. Tacı qızı Züleyxanın və o birilərinin də qolları bağlandı. Miss Hanna mat qalmışdı. O da öz növbəsini gözləyirdi. Mən bu dəfə ona dedim: – Ay qız, dur ayağa, bu fahişənin qollarını da sən bağla. Miss Hanna qorxaraq soruşdu: – Nə ilə bağlayım? – Get o bucaqda oturanın belindəki xəncərini çək, səni buraya gətirən fahişənin saçlarını kəs, öz saçları ilə də qollarını bağla! Miss Hanna ayağa qalxdı, lakin qorxusundan Mahmud xanın yanına gedə bilmirdi. Bir daha ona qışqırdım: – Tez ol! Sənə əmr edirəm! Qaraçı evinə gəlməkdən qorxmayan bir qız, qolu bağlanmış bir tülküdənmi qorxur? Miss Hanna Mahmud xanın xəncərini belindən çıxarıb Hüsni xanıma yaxınlaşdı. Hüsni xanım mənə yalvararaq: – Nə üçün məni naqis edirsən? – dedi, – cavan oğlansan, mən də sənin əlində, nargiləsi kimi qız da burada. Otur kefini çək! Hər nə istəyirsən vardır. Mən bu dəfə qışqırmadım, yavaşcadan dedim: – Qulusultan belə əmr etmişdir. Gərək sənin saçların kəsilsin! – Hamısını kəsmə İkisini kəs, ikisilə qolumu bağlamaq mümkündür. – Yox, hörüyünün on ikisini də kəsəcəyəm! Hörüklər bizə lazımdır. Miss Hanna Hüsni xanımın saçlarını kəsdi, dəstə ilə yerə qoydu. Mən Mahmud xan, Rəfizadə, Tacı qızı Züleyxa və sairələrinə qışqıraraq: – Uzadınız ayaqlarınızı! – deyə əmr etdim və ondan sonra Hüsni xanıma dönərək: – Götür saçlarınla bunların ayaqlarını bağla! – dedim: Hüsni xanım öz saçları ilə orada olanların ayaqlarını bağladı və titrəyə-titrəyə qarşımda durdu. Mən miss Hannaya, indi də falçının saçlarını kəsib Hüsni xanımın qollarını bağlamalısanl – deyincə, o bu əmri də yerinə yetirdi. Hüsni xanımın da qolları və ayaqları bağlandı. Mən bir əlimdə mauzer, qolların və ayaqların möhkəm bağlanıb-bağlanmamasını yoxladım. Sonra Rəfizadə və Mahmud xanın üstündəki silahları və qıymətli şeyləri çıxarıb miss Hannanın bağlamasına qoydum. Şümşad xanım da axtarıldı, yanında olan şeylərlə falçı evinə gətirdiyi zinətlər bir yerə toplandı, növbət Tacı qızı Züleyxaya yetişərkən mən soruşdum: – İndi de görüm qarət etdiyin, dəllallıq edib siğədən qazandığın, fal açıb və xalqın qızlarını satıb aldığın pullar haradadır? Hərgah sağ qalmaq xəyalın varsa, işi təxirə salma! Züleyxa cibindəki osmanlı lirələrindən başqa bir şeyi olduğunu boynuna götürmədi. Nəhayət, mən miss Hannaya: – Üzünü çevir divara, qulaqlarını tut! Bu fahişəni öldürəcəyəm! – dedikdə Züleyxa: – Öldürmə deyim! – sözləri ilə yalvardı, – o sağ tərəfdəki yorğan-döşəyi götürün, hər nə var onun dalındakı buxarının içindədir. Buxarının içərisindən balaca bir sandıqça çıxarıldı, sandıqça qızıl pul və qızıl şeylər ilə dolu idi. Onları da Hüsni xanımın zinətləri olan bağlının içinə tökdüm. Hər iş qurtardı. Mən Rəfizadəyə yaxınlaşaraq: – Qulusultanın tapşırıqlarından birisi qaldı, gərək sənin bığının bir tayını kəsək! – dedim. O ağladı və: 200. – Qələt etmişəm, atam Rəfi ilə, anlamamışam, məni rüsvayicahan eləmə. Mən daha adam üzünə çıxa bilmərəm, – deyə yalvardı. Məndən razılıq cavabı almadıqdan sonra miss Hannaya yalvardı: – Mənə rəhmin gəlsin, balaca xanım, sənin sözünü eşidər, qoy mənim bığımı kəsməsin! Miss Hama heç bir söz deyə bilməzdi, çünki öz müqəddəratından da əmin deyildi, başına nə gələcəyini bilmirdi. Mən bıçağı çıxarıb Rəfizadəyə yanaşaraq: – Tərpənmə, - dedim, – yoxsa dodağını da kəsərəm. Rəfizadənin bığının bir tayını kəsəndən sonra ona: – Hərgah Təbrizdə bir gecədən artıq qalsan bığının o biri tayını da dodağınla bərabər kəsəcəyəm! – dedim və Mahmud xanın yanına keçərək onun sifətinə bir yaxşı şillə çəkib dedim: – İndi sən yəqin et ki, Təbrizdə Mahmud xandan başqa da oğlanlar vardır, get dua elə Qulusultana, yoxsa səni köpəyi öldürən kimi buradaca öldürərdim, heyif ki, o bunu tapşırmamışdırl Bunu deyərək Mahmud xanın və Rəfizadənin silahı ilə bərabər hər bir şeyini aldım və amerikalı qıza müraciətlə: – Dur düş qabağıma! – dedim. – Hara? – O sənin işin deyil! Səsini çıxardınmı, məhv olacaqsan. Zinətlər, pullar, silahlar ilə doldurulmuş bağlını əlimə alaraq miss Hanna ilə bərabər çıxmaq istədikdə onlara dönüb: – Hərgah bu barədə bir yerdə söhbət açılarsa, mən sizinlə ikinci kərə görüşməyə məcbur olacağam! – dedim. Həyətə çıxdıq, qapını daldan bağladıq, onları içəridə buraxıb getdik. Küçəyə çıxan zaman miss Hanna titrək və yavaş bir səslə: – Mənə rəhm elə. Məni Qulusultanın yanına aparma. Sən qəhrəman bir oğlansan. Aciz bir qıza mərhəmət elə! – deyir və öz sözlərini yarı türk-yarı farsca olaraq mənə qandırmaq istəyirdi. Mən bütün bu sözlərə cavabla: – Danışma, hara gedirəmsə gəl! – deyirdim. Getdiyimiz yol miss Hannaya tanış yol idi. Beş saat bundan əqdəm Tacı qızı Züleyxanın evinə həmin yol ilə gəlmişdi. Bu yol onun öz yaşadığı küçəyə gedirdi. Miss Hama sevinirdi. O, itirdiyi zinətləri unutmuşdu, oradakı şərəfsizlikdən qurtarması və namusunun müdafiə olunması onun yadından hər şeyi çıxarmışdı. Miss Hanna öz qapısının yanında durdu: – Gir içəri, – dedim, – bu hadisəni bir kimsəyə söyləmiş olsan, səni məhv edəcəyəm! Sən bilirsən ki, mənim üzümə qapı bağlanmaz. Sabah gecə gəlib səni yerbəyer edərəm. Təbrizdə bir parça sümüyünü də tapmazlar. Həsənağanın sözü qurtardı. O, üzümə baxır, ondan razı qalıbqalmadığımı bilmək istəyirdi. Başımın hərəkətləri, gülümsəməm onu bir cəhətdən arxayın etmiş olmalı idi ki, o gətirdiyi bağlını açdı. Amerikalı qızın şeylərini bir tərəfə ayırdıqdan sonra qalan şeylər haqqında dedi: – Bunlar da qaraçılardan soyduğum qızıllardır. Bu da bizim Təbrizdən qaçan yoldaşların cib xərcliyi. ək Səhər saat yeddi olmamışdı. Təhminə xanım içəri girdi. O, çox qəmli və kədərli bir xəbər gətirmişdi. Dünən axşam general-konsulun arvadı Mahmud xanın Ninaya göndərdiyi üzüyü və hədiyyələri öz faytonuna qoyub gətirmiş imiş. Konsulxana Ninaya ərə getmək işlərini bitirmək üçün birhəftəlik istirahət ixtiyarı da vermişdi. Mən soruşdum: – Gətirilən hədiyyələri və üzüyü Nina qəbul etdimi? – O, heç bir söz danışmadı, lakin konsulun arvadı şeyləri orada buraxıb getdi. Nina özünü öldürmək istəyir. Məcid haqqında mənə çox vəsiyyətlər verir. Bir çarə lazımdır, qız tələf olacaq. Mən: – Sən get ona mənim dilimdən xəbər ver, o evdən dışarı çıxmasın, evə də kimsəni buraxmasın, konsulxanaya da getməsin. İşlərin hamısı düzələcəkdir. Biz hələlik diriyik, – deyə Təhminə xanımı yola saldım getdi. Məni fikir başına almışdı, mən bir çox hadisə girdabları içərisində qalmışdım. Hələ mənə saxta hörmət bəsləyən və Ninanı qızım kimi sevirəm deyən çar konsulunun həyasızlığı, Ninanı Mahmud xan kimi bir alçağa satmaq istədiyi də, məni həddindən artıq əsəbiləşdirmişdi. Mən bu əzici təsirlər altında, səhər dilimə bir şey vurmadan, evdən dışarı çıxdım. Qapıdan o qədər də uzaqlaşmamışdım, miss Hamanın yanında xidmət edən türk uşağının sürətlə gəldiyini gördüm. O mənə bir məktub uzatdı. Məktubu miss Hanna yazmamışdı. Xidmətçi qadın: “Kiçik xanıma bir bədbəxtlik üz vermişdir? məzmununda, qısaca bir şey yazmışdı. Mən məsələni bildiyimdən maraqlanmadım, lakin indi mən Mahmud xan məsələsini amerikalı qızın məsələsi ilə bir yerə qarışdırmaq və bir yerdə həll etmək tədbirlərinin nə qədər qorxulu olduğunu dərk etməyə başlayırdım. Çünki bu məsələdəki müvəffəqiyyətsizlik amerikalı qızın namusunun bərbad olması ilə nəticələnəcək idi. İndi artıq düşünmək gec idi. Qızın evinə gəlincəyə qədər başımdan minlərcə fikir keçdi. Xidmətçi qadın məni görüb ağladı, yenə də məktubda yazdığını təkrar etdi: – Kiçik xanıma bədbəxtlik üz vermişdir. Mən onun yatdığı otağa girdim. Onun rəngi də səhhətinin pozu!duğunu göstərirdi. Həkim gətirilib-gətirilmədiyini sual etdikdə, xidmətçi qadın: – Kiçik xanım həkim çağrılmasına razı olmadı, – deyə cavab verdi. Mən stulu onun çarpayısının yanında qoyub oturdum. Onun alnına ağ dəsmal isladıb qoymuşdular. Oturub baxırdım, onun yanaqlarında ağ yer yox idi. Üzü hərarətin şiddətindən tamamilə qızarmışdı, Mən bir neçə kərə bu qızın halına acımışdım, ona yazığım gəlmişdi. O zamanları bir-bir xatırlayırdım: lakin heç vaxt qızın halını belə pozğun görməmişdim. Onun başlıca səbəbi isə mən idim. Buna görə də özümü əfv edə bilmirdim və özümə sual verirdim: «Əcəba, mən öz sevdiyim bir qızın müdafiəsi üçün məni ürəkdən sevən bir amerikalı qızı fəda etməyə haqlımıyam? Bunun təqsiri nə idi? Əcəba, bunun bizə verdiyi yardımların mükafatı bu idimi? Vlahmud xanı cəzalandırmaq üçün bu aciz qızı nə üçün vasitə etmişəm? Bu qızların ikisi də ürəklərində eyni sevgini daşımırmı?? Bu kimi suallar içində xeyli zaman çapaladım, nəhayət, €Yox! – dedim, – bunların ikisinin arasında fərq çoxdur. Bunlardan Nina, nqilaba sevginin təhriki ilə yox, şüurla, can və başla, əqidəsinin əşviqi ilə xidmət edir, miss Hanna isə...) Əlimi onun alnına qoydum. O, gözlərini açdı və məni görən imi ağladı: – Məni əfv et, mən hərəkətimi səndən gizlətdiyim üçün cəzalandım. Miss Hanna başına gələn hadisəni əvvəlindən axırına qədər nənə danışdı və Həsənağa haqqında söz açaraq: – O mənim bütün zinətlərimi aparsa da, məni həqarətdən və amussuzluqdan da qurtardı. Onun qəhrəmanlığı məndə unudulmaz ir təsir buraxdı. O nə qədər qorxmaz və sarsılmaz bir gənc idi. Bir əfər olduğuna baxmayaraq, bir ev dolusu adamı təslim etdirdi. O, Qulusultanın nökəridir. Bütün bu işləri o buyurduğuna görə edirmiş. Hərgah bir gün məni aparmaq üçün əmr edərsə, şübhəsizdir ki, onun qarşısına heç bir qüvvət dura bilməz. Ah, dünən gecə nə qədər qorxulu bir gecə idil İndi mən dəhşətli bir hadisənin ikinci qəhrəmanıyam. Mən öz həyat tariximi yalnız bu hadisələrlə canlandıracağam. Hələ indi də Rəfizadənin bığı kəsiləndən sonra aldığı vəziyyəti xatırlayırkən bədənim titrəyir. Lakin yenə də qorxuram, nəhayət, Rəfizadə bütün məsələni amerika konsulxanasında söyləyəcək və məni məhv eləyəcəkdir. Mən ona ürək verərək dedim: – Sən əmin ol! Rəfizadə Təbrizdə qalmayacaq və konsulxanaya belə ayaq basa bilməyəcəkdir. Burada adətdir, bığı kəsilən bir adam xalq içinə çıxa bilməz, labüddən gizlənməli və şəhərdən çıxmalıdır. Səni Qulusultanın apartdırmasına gəldikdə, o barədə düşünmə! Hərgah bir belə təşəbbüs olsaydı, oğlan səni öz evinə qədər müşayiət eləməzdi. Lakin o sənə hər nə ki, tapşırmışsa, sən ona da əməl etməlisən. Məsələ haqqında heç bir kəsə danışma, bu sənin özün üçün də məsləhətdir. İndi sən bilməlisən ki, Təbriz olduqca dumanlı və əsrarəngiz bir şəhərdir. Sən indi təsdiq edə bilərsən ki, Şərqin «Min bir gecə» hekayələri həyatdan alınmış materiallar üzərində düzəldilmişdir, buradakı həyat fantaziyalarla yox, həqiqətlərlə doludur. Mən çox arzu edərdim ki, sən həyatı oxuduğun kitablar və elmlər üzərində deyil, eyni zamanda yaşadığın mühitin şərait və təcrübəsi üzərində qurmağa çalışaydın. Gözəl qız: elmli olmaq asandır, amma təcrübəli olmaq çox çətindir. Təcrübəli insan elmsiz də yaşaya bilər. Lakin təcrübəsiz alim nə özü yaşaya bilər, nə də başqasına həyat verməyi bacarar. Falçılıq, cadugərlik, eyni zamanda müqəddəslərə sığınmaq, mübarizədən aciz qalanlar və təbiətin hadisələri ilə mübarizə apara bilməyənlərin istinad etdiyi bir vasitədir. Sən mədəni bir qız olduğun halda belə ibtidai vasitələrə əl atmamalı idin. Qiymətli şeylərin əldən getdiyinə gəldikdə onlardan daha qıymətlisini əldə etmək mümkündür. Namus və şərəfin toxunulmamış qalmışdırsa hər şeydən artıqdır. Onu uzun söhbətlərlə məşğul etdim, nəhayət, o güldü, özünün təsadüf etdiyi dəhşətləri unutdu. Süd içdi, özünü tamamilə rahat hiss etməyə başladığını görüncə, vidalaşıb getdim. * * * Hacı Səməd xanın sağ əli və sol əli Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi. Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi. Bunların çarpışması nəticəsində ikisindən birisi tələf olacaq, digəri isə həbsə alınacaq idi. Buna baxmayaraq, Tütünçüoğlu da öz hazırlığını görərək, səhərdən bəri Mahmud xanı təqib edirdi. Tütünçüoğlunun mənə verdiyi məlumata görə o gündüz saat ikidə Sürxab məhəlləsində bulunduğu vaxt Mahmud xanın bir nökəri ilə bərabər Nizamüddövlə bağına getdiyini görüb onu təqibə başlar. Fayton bağın qapısında uzun zaman durur, qapı bağlı imiş, qapıçı heç bir kimsəni içəri buraxmırmış. – Həzrət Əşrəf xəstədir, içəriyə adam buraxılmaması mənə əmr olunmuşdur, – deyir. Mahmud xan: – O əmr mənim üçün deyil, – cavabını verir, qapıçı yenə də: – Ağa, sənin başına dönüm, mən nəçiyəm ki, mən sənin əskik bir itin yerindəyəm. Mənə belə əmr ediblər. – Bu əmri sənə hansı köpəkoğlu verib? Sənə hansı zənqəhbə tapşırıb?.. – Sarı Ağabala xan. – Get onu bura çağır. Qapıçı özü getmir, yanındakılardan birisinə: – Get onu bura çağır. Mən nə köpəkoğluyam ki, Mahmud xan kimi bir adamın üzünə qapı bağlayam. Zəhər olsun bu məmuriyyət, adamı hörmətli ağaların yanında xəcalət qoyur, – deyər. Sarı Ağabala xan gəlib Mahmud xana təzim edər. Mahmud xan acıqlı bir surətdə onu sual verər: – Balam, nə olubdur ki, səhərdən bəri bu qapını xalqın üzünə oağlamısınız? Sarı Ağabala xan çox ehtiyatla cavab verər: – Əlbəttə, qapının bağlanması sizin üçün deyildir, ümumi bir şdir, çünki həzrət Əşrəf özünü xeyli narahat hiss edir, həkimlərdən aşqa heç bir kəsi evə buraxmamağı özü şəxsən əmr buyurmuşdur. – Qulusultan bura gəlmişdimi? Bəli, cənab Mahmud xan, gəlmişdi. – Həzrət Əşrəf onu yanına qəbul etdi, ya yox? – Bəli, qəbul etdi, çünki vacib bir işdən ötrü gəlmişdi. Məktub yazıb verdi. Həzrət Əşrəf məktubu oxuyandan sonra onu hüzuruna qəbul elədi. Hərgah vacib işiniz vardırsa, siz də məktub yazın. Mən də həzrət Əşrəfə xəbər verərəm. – Lazım deyil, Qulusultan kimi biqeyrət içəri girən qapıdan Mahmud xan kimi namuslu adamların girməsi ayıbdır. Çox yaxşı, qoy belə olsun! Mahmud xan bunu dedikdən sonra faytona oturub faytonçuya qışqıraraq: – Sür Sona bacının meyxanasınal – deyər. Tütünçüoğlu da onu təqib edər, bir neçə saat Sona bacının meyxanası qarşısında durub Mahmud xanın buradan çıxmasını gözləyər. Nəhayət, o, kefli halda meyxanadan çıxıb faytona əyləşər və yenə də faytonçuya: – Sür, yaxşı sür, haman urus qızının qapısına, – deyər. Faytonçu hansı rus qızını dediyini anlamadığından: – Hansı urus qızının qapısına buyurursunuz? – deyib soruşar. – Sür, sür hamam qapıya. Sarısaçlı qızın, konsulxanadakı qızın qapısına. Faytonçu: – Bəli ağa, bildim, – deyə faytonu sürətlə sürər. Tütünçüoğlu da Balaqurbanın faytonuna əyləşib onu təqib edər. Balaqurban vaxt ikən təlimat almışdı, lazım gəldiyi vaxt Tütünçüoğluna silahla da yardım göstərəcək və onu aradan çıxaracaq idi. Mahmud xan bərk sərxoş olduğu halda gah: – Gədə, tiftək, yavaş sür! – deyib faytonu yavaşıdır, sonra da faytonçuya acıqlanıb sürətlə sürməsini tələb edirmiş... Nədənsə faytonçu onu tünnük küçələrlə deyil, dolanbac, boş küçələrlə aparır ki, bununla da yolun uzaqlaşmasına səbəb olur. Mahmud xan Bina təxəllüslü şairin Ninaya yazdığı şeiri çıxarıb kağız üzərində oxuyurmuş: Ey doxtəri-rus, can bərto məxsus Rəhmi nədari, əfsus, əfsus. Təbrizyanra, qurbani ru kon, Əz xuni-aşiq, cana vizo kon, Bər kuyət ayəm, cizi nədarən Təbrizyanra, qurban bərarən..." Fayton Ninanın qapısında dayanır. Mahmud xan mızıldayamızıldaya fontondan düşüb Ninanın qapısına yanaşır və öz qapısı kimi döyməyə başlayır. Bu vaxt Tütünçüoğlu təbii halından çıxır və mauzeri çıxarıb Mahmud xanla hasablaşmaq xəyalına düşür. Balaqurban ayıqlıqla: – Əsəd, bizə bu icazə verilməmişdir. Əlini saxla, – dedikdə, Tütünçüoğlu yerində oturur və: – Eybi yoxdur, qoy gecəyə qalsın, – deyərək əlini mauzerdən çəkir. Təhminə xanım qapının dalından: – Qapı döyən kimdir? – dedikdə Mahmud xan cavab verir: – Özgəsi deyil, özüməm, Mahmud xandır! Hacı Şücaüddövlənin əmisi oğlu. – Hər kəs olursa-olsun, qapını aça bilmərəm, xanım xəstədir, – deyir. – Mənim dilimcə xanımın kefini soruşur, – deyərək Mahmud xan dönüb faytona oturur. Tütünçüoğlu Mahmud xanı evinə qədər təqib edər, lakin qapıdan o qədər də uzaqlaşmaz, yenə də onun dışarı çıxmasının intizarında olur. Balaqurban isə atları yemləmək üçün evə qayıdır. İntizar gecə saat ona qədər davam edir. Nədənsə bu gecə Mahmud xan çox təxirlə dişarı çıxır. Bu gecə Mahmud xan özü ilə bərabər üç nəfər də silahlı nökər götürür. Halbuki o, bəzən bir nəfər götürmədən belə faytona oturub şəhərə çıxardı. Tütünçüoğlunun işi qismən çətinləşir. 3, Mahmud xanı vura bilsə belə, üç nəfər silahlı nökərin əlindən ”axasını qurtara bilməyəcəkdi. O, ya öləcək, yainki tutulacaqdı. Bunarın hər iki qorxulu idi, çünki Tütünçüoğlunun mənimlə əlaqədar olluğunu həm sərdar Rəşid, həm də Hacı Səməd xan çox gözəlcəsinə ilirdi. Onun tutulması bütün sirlərin üzərindəki pərdəni yırtacaq idi. Buna baxmayaraq, Tütünçüoğlu ruhdan düşmür. O, cibindəki iki içik bombanın vasitəsilə qurtaracağına əmin olur. Təbrizin dar iöngələrində bomba ataraq gizlənmək ümidləri Tütünçüoğlunun uhdan düşməməsinə səbəb olur. O, gah irəli keçir, gah da geridə qalaraq Mahmud xanı təqib edir, əlverişli bir mövqe tutmaq üçün onları izləməkdə olur. Onları Səfi bazarçasına qədər təqib edər. Bura ən əlverişli bir yermiş. Tütünçüoğlu özünü divarın tini dalına verərək, bombanı çıxardır, əlini qaldırıb atmaq istərkən qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür, bombanı cibinə ötürür və hər bir ehtimala qarşı özünü ələ verməmək üçün geri qayıdır. Bir az keçmədən Mahmud xanın səsi eşidilir: – Qurumsaq, silahını çıxar, qoy camaat deməsin ki, Mahmud xan Qulusultanı qəfildən vurdu. Alçaq , tülküdən qorxaq biqeyrət. Təbriz bu gecədən etibarən, ya mənə qalmalıdır, yainki Qulusultana. Çıxar silahını, qəhbə! Bu sözdən sonra yalnız qurşun səsləri eşidilir. Tütünçüoğlu üstündəki silahlarını onsuz da çox yaxında olan evinə qoyub hadisə məhlinə qayıtdıqda Səfi bazarçasına hər tərəfdən yüzlərcə adam toplanıb cürbəcür sözlər danışırmış. Darğa Həsən əmi və onun darğa şəyirdləri hər tərəfdən üz tutub hadisə yerinə yüyürməkdə imiş. Qulusultanla Mahmud xanın meyidlərini isə nərdivan üstünə qoyub evlərinə apardıqda, camaat bunların haqqında belə deyirmiş: – Bunların bir Səməd xanın sağ əli, o biri sol əli idi. – Bunları inqilabçılar vurdu! – Kişi, əl çəkmirlər dəl – Səməd xanın beli büküldü! Rus kazakları hadisə məhəllinə gəlincəyə qədər camaatın danişıqları davam edirmiş. * * * Hacı Səməd şah? Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi. Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir. Sazonov öz gizli məktubunda, İngiltərə ilə Rusiya arasında bağlanmış 1907-ci il müqavilənaməsinə yenidən baxılması lüzumunu göstərdikdən sonra İranda aparılmaqda olan çar siyasətindən bəhs edərək yazır: Şübhəsizdir ki, biz İran məsələsində ingilislərdən bir çox istifadələrdə buluna bilərik. Məsələn, ingilislər bizim İran Azərbaycanını tamamilə İrandan ayırmaq, Gilan, Mazandaran və Astarabad tərəflərini əlavə etməklə muxtar bir məmləkət halına gətirmək və Səməd xanı ömürlük olaraq bu hökumətin başına qoymaq siyasətimizə maneçilik törətməmək üçün bizə söz verə bilərdilərə. Sazonovun bu məktubu Rusiya səfiri Korostovsev və Təbriz konsuu Örlovun kəlməbaşı: dBiz İranın daxili işlərinə müdaxilə etmir və onun stiqlaliyyətinin müdafiəçisiyikə sözlərinin mənasını aydınlaşdırırdı. Sonra Sazonov London səfirinə yazdığı məktubunda €Transversə) dəmiryolu imtiyazını İrandan almaq üçün İngiltərənin razılığını ildə etmək və İranda olan kazak briqadasını miqdarca qüvvətləndirnək tələbində bulunmağı təklif edirdi. Lakin Sazonov kimi onun Azərbaycan muxtar ölkəsi başına qoacağı Hacı Səməd xan da, öz düşüncələrinin səmərəsiz və nəticəsiz alacağını anlamamış deyildi. Mart ayının 7-də, yəni Sazonov London səfirinə məktub yazanan iki gün sonra Rusiyanın London səfiri Bekendorfun Sazonova öndərdiyi 62 nömrəli teleqramında İngiltərə xariciyyə naziri Qrey ə olan müsahibəsini yazırdı: €Qrey həyəcanla Azərbaycanda olan hadisələri mənə danışdı. Şücaüddövlənin istefası və onun mərkəzdən tamamilə ayrılmaq üçün Rusiyaya müraciət etmək istədiyini dedi. Mənsə bu barədə Qreyə: – Bu işdən heç də xəbərim yoxdur! – dediməp. Nəhayət, İngiltərə ilə Rusiya arasında mövcud olan ixtilaf İran hökumətinin Rusiya hökumətinə verdiyi 9 mart notasına yol açdı. Bu gün axşam saat doqquzda Nina konsulxanadan əldə etdiyi İran müxtirəsinin surətini gətirdi. İran xariciyyə nazirinin Rusiyanın Tehran səfiri Korostovsevə verdiyi notasında kazak briqadası məsələsindən bəhs edərək yazırdı: «Açıq demək lazımdır ki, kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxartdı. İran hökuməti daim kazak briqadasına bir vəzifə həvalə etdikdə o, yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. Kazak briqadası smeta üzrə aldığı paraların da lazımi idarəyə haqq-hesabını verməkdən boyun qaçıraraq, nəzarəti rədd etməkdədir. Bütün yuxarıdan bəri söylənənləri və İranın maliyyə zəifliyini nəzərə alaraq İran hökuməti heç bir vəchlə kazak briqadasının sayca artırılmasına razı ola bilməzə. Bundan sonra İran müxtərisində 1907-ci il müqavilənaməsi əleyhinə olaraq Rusiyanın, İran istiqlaliyyətini pozduğu dəxi qeyd edilirdi. Tütünçüoğlu, Həsənağa, Təhminə xanımın qızları Sənubər və Töhfə xanımlar, Ninanın siyasi dərnəyində iştirak edən daha bir neçələri, bizim Nina ilə bu söhbətimizi dinləyirdi. Əvvəlcə Nina sual verdi: – Doğrudanmı İngiltərə ilə Rusiya arasında mövcud olan 1907-ci il müqavilənaməsi İranın istiqlaliyyətini təmin edir? İkinci sualı Həsənağa verdi: – İngiltərə ilə Rusiya arasındakı ixtilafın səbəbi nədir? Üçüncü sualı Sənubər xanım verərək: – Əcəba, İranda İngiltərə və Rusiyadan başqa ayrı dövlətlərin mənafeyi yoxdurmu? - dedi. Mən gülərək dedim: – Demək ki, bu gecə sizin siyasi dərəyiniz məni siyasi savaddan imtahan edir. Nina: – Bəli, belədi ki, var, – dedi, – sənin xasiyyətindir, daim bir sual verdikdə, boyun qaçırmaq istərsən. Lakin indi boyun qaçıra bilməzsən, çünki 1907-ci il müqavilənaməsini öyrənmək üçün burada oturanların hamısı maraqlanır. Suallara cavab verməyincə, səni buradan buraxası deyilik. Mən: – Çox gözəl, – dedim, – sualların hamısı biri digəri ilə əlaqədardır. Hamısına bir yerdə cavab verəcəyəm. XX əsrin başlanğıcında, beynəlxalq vəziyyət, Rusiya ilə İngiltərə arasında mövcud olan bir çox ixtilaflı məsələlərin həll edilməsilə bərabər, İran məsələsinin də həll edilməsini irəli sürürdü. Bir ildən çox çəkmiş olan müzakirələr nəticəsində, nəhayət, 1907-ci il 31 avqustda İngiltərə ilə Rusiya arasında İran məsələlərinə dair saziş yarandı. Bu müqavilənamə ilə yalnız İran məsələləri deyil, eyni zamanda Tibet və Əfqanıstan məsələlərində də mövcud olan ixtilaflı cəhətlər həll edilmiş olurdu. Müqavilənamənin İrana aid giriş cümlələrində Böyük Britanıya kimi Rusiya dövləti də təntənəli sözlərlə İran istiqlaliyyətinə hörmət bəsləyəcəyini öhdəsinə götürürdü. Yuxarıda göstərilən bu təntənəli və gurultulu cümlələrə baxmayaraq, müqavilənamənin bütün maddələri, İranın istiqlaliyyətini təmin etmək deyil, əksinə, İranın bu iki hökumət arasında təqsim olunduğunu və ölkənin müstəmləkə halına düşdüyünü isbat edirdi. 1907-ci il 31 avqust müqavilənaməsilə İran üç hissəyə, daha doğrusu, iki nüfuz məntəqəsinə ayrıldı. Şimal-şərq tərəfləri Rusiyanın, cənub ölkələri isə İngiltərənin siyasi və iqtisadi nüfuz mənəqəsi oldu. Bu iki hökumətdən biri o birinin nüfuz məntəqəsində yeç bir imtiyaz götürmək və yaxud siyasi bir təşəbbüsdə bulunmaq əlahiyyətinə malik deyildir. Cənubla şimal arasında olan mərkəzi vilayətlər isə bitərəf adanır ki, İranın bu üçüncü hissəsi dəxi İran hökumətinin müstəqil öləsi sayılmaq imkanına malik deyildir. Bu bitərəf məntəqədə, yəni nərkəzi vilayətlərdə, müqavilənamə bağlamış iki hökumətdən biri mtiyaz götürmək, yainki siyasi müdaxilədə bulunmaq istərsə, o biinin razılığını əldə etməyə məcburdur. Bir sözlə, bu müqavilə İran məsələsində sazişə girmiş olan İniltərə və Rusiya hökumətlərinin nüfuz məntəqələrində müstəmkə planlarını həyata keçirmək üçün meydana çıxan bütün ixtilafları həll etmişdi, çünki bu bağlaşma onlardan hər birisinə azad və maneəsiz qarət etmək, İrandan öz payını götürmək imkanını vermişdi. Bitərəf məntəqəyə gəldikdə, müqavilə bağlamış hər iki dövlət, burada müştərək qarət və müştərək istifadə səlahiyyətinə malikdir. 1907-ci il müqavilənaməsi Rusiya və İngiltərə kapitalistlərinin boynuna qəti bir məcburiyyət də qoymuşdur, onlar hər nə cür olur-olsun İranda baş qaldıran inqilab hərəkatını boğmalı idilər. Gördüyünüz kimi, İngiltərə və Rusiya hökumətləri bağlaşmaya sadiq qalaraq İran demokratlarının inqilabını qan selləri içərisində boğmağa çalışdı və yenə də çalışmaqdadır. Rusiya ilə İngiltərə İrandakı inqilabı boğmaq işində vahid cəbhə təşkili ilə əməkdaşlıq edə bilərlər, lakin onlar mərkəzi vilayətlər, yəni bitərəf məntəqə ətrafında razılaşa bilmirlər. Bu ziddiyyətlər hazırda daha kəskindir. Hazırda Rusiya ilə İngiltərə arasındakı mübarizənin başlıca səbəblərindən birisi, cTranspersp dəmiryolunu çəkmək məsələsidir. Rusiya hökumətinin çəkmək istədiyi bu dəmiryolu İngiltərə hökumətinin həm iqtisadi, həm də siyasi mənafeyini sarsıtmış olur. İngiltərə hökumətinin fikrincə, Rusiyanın bu yolu çəkməsi, İranda hökm sürən Rusiya və İngiltərə qüvvələrinin müvazinətini pozur, eyni zamanda Hindistanı da Rusiyanın təhdidi altında qoyur. Rusiyanın bu təşəbbüsünü İngiltərə 1907-ci il sazişi əleyhinə çevrilmiş bir çıxış hesab edərək, etiraz edir. Digər tərəfdən də İngiltərə tərəfindən meydana atılan, cTranspers) dəmiryolu və bu yolun axırının Bəndərabbasla birləşməsi proyektini Rusiya hökuməti qətiyyən qəbul eləmir. Mövcud olan ixtilaflardan birisi də, ticarət işlərindəki rəqabətdir və bu rəqabət bir paralarının zənn etdiyi kimi cüzi deyildir. Bununla belə, Rusiya və İngiltərə kapitalistləri öz aralarında mövcud olan ixtilafa baxmayaraq, İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı da vahid cəbhə düzəldə bilirlər. Mən bu barədə dəxi bir çox dəlil və sübutlar gətirdikdən sonra Almaniya kapitalının İrana soxulmasından, Almaniya ilə Rusiya, İngiltərə arasında Yaxın Şərqdə böyük ixtilaflar törəyəcəyindən və bu ixtilafların da müdhiş bir müharibə ilə nəticələnəcəyindən danışaraq dedim: – Almaniya kapitalının İrana soxulması Şimali İrandakı Rusiya mənafeyini nə qədər sarsıdırsa, bir o qədər də üç ildən sonra bitəcək olan Bağdad dəmiryolu ilə İngiltərənin Şərqdə iqtisadi və siyasi mövqeyini sarsıtmış olacaqdır. Söhbətimiz olduqca uzun çəkdi. Təhminə xanımın qızları getmək istədiklərindən, 1907-ci il müqavilənaməsi söhbətinin qalanını başqa bir vaxta buraxdıq. Tütünçüoğlu və Həsənağa ilə birlikdə Nina ilə vidalaşaraq qızları da götürüb çıxdıq. * * * Diplomatların və İranın notası Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı. Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim. Amerikalı qız isə mənim onunla tez-tez görüşdüyümü məhəbbəimin şiddətinə yozurdu. Bununla belə o, Rusiya-İran və İngiltərə— İran arasında mövcud olan diplomatik xəbərlərlə maraqlandığımı da ıiss eləyirdi. Bunun üçün də o, daima mənimlə görüşdüyü zaman nəni bir xəbərlə qarşılayırdı. Bu gün səhər çayını bir yerdə içmək üçün mənim vədəmi almışi. Heç şübhə yoxdur ki, onda yeni bir xəbər olacaqdı. Mən onun evinə girdikdə, orada yalnız qızı və bir də işçi qadını ördüm. Salamlaşdıq, əlini sıxıb əyləşdim. Qız mənim qarşımda gəişir, çay stolu üzərinə bəzi şeylər gətirib qoymaq bəhanəsi ilə vmerikada tikdirdiyi yeni paltarını mənə göstərmək istəyirdi. Əlinən çıxardığı qiymətli şeyləri tamamilə unutmuş kimi idi. O, bütün hərəkəti ilə özünü bəyəndirməyə çalışırdı və onu bəəndiyimi də gözlərimdən və baxışlarımdan bilmək istəyərək tezz mənə baxırdı. – Gəl otur, gözəl Hannal Bu gün səndə bir yenilik, xüsusi bir gözəllik görürəm. Bu sözüm üzərində qız qabağımda durub məndən soruşdu: – Yeni paltarım xoşunuza gəlirmi? Mən onun vücudunu çox diqqətlə nəzərdən keçirdikdən sonra: – Hələlik sən dediyin yeni əlbisəni görə bilmirəm o haradadır? Sandıqdadırmı? Gətir, göstər baxım! – dedim. Qız təəccüblə, yeni paltarının ətəklərindən tutub mənə göstərdi: – Əynimdəki libası görmürsünüzmü? – Görsəydim niyə soruşurdum? Bəs bu yeni geyimin qolları, döşləri, arxası və çiyinləri hanı? Qız məsələni anlayaraq güldü və yanımda oturub dedi: – Bu dekoltədir. Amerikalılar indi belə paltarı sevir. De görüm bu paltarım xoşuna gəlirmi? – Şübhəsiz gəlir. Bahalı, zərif, gözəl, rəngcə də saçlarına uyğun əlbisədir. – Sən de görüm libasın yaxşılığı harasındadır? – Vücudun tənasübünü itirməməkdə və bədənə gözəllik verməsindədir. – Libasım sən dediyin kimidirmi? – Şübhəsiz! – Lakin bu libasımın məf?fi bir cəhəti də vardır ki, onu sən təyin edə bilmədin! – Mən o mənfi cəhəti görə bilmirəm. – Mənfi cəhət budur ki, bu gənclikdən uzaqlaşmağa başlamış bir qadın libasıdır. Bu görə mənim bundan xoşum gəlmir. Hesab ilə mən gənclikdən uzaqlaşmağa başlamış bir qadın libasını deyil, uşaqlıqdan gəncliyə keçən bir qız libası geyinməliyəm. Miss Hannanın bu sözləri mənə dərin bir təsir bağışladı, mənim də həyatım gənclikdən uzaqlaşırdı. – Doğrudur, gözəl Hanna, – dedim. – Mən birinci olaraq səni uşaqlıqdan gəncliyə yeni qədəm qoyan bir qız libasında görmüşdüm. Yenə də mən sənə baxanda haman libası, haman Hamanı, haman dəqiqələri xatırlayıram. Mənim bu sözlərm sanki qızı haman bəhs etdiyim anlara, haman dəqiqələrə qaytardı, o mənim əllərimdən tutaraq soruşdu: – Söylə! Söylə! Sən o libası harada görmüşdün? – Söyləyimmi? – Söylə, sən o vaxtlardan danışdıqca mən keçmişin xatirələrindən nəşələnir, indi də haman səadətli anlarda yaşadığımı hiss edirmiş kimi oluram. – Mən o libası dörd tərəfdən akasiya və nəstərən ağaclarının kölgəsində nazlanmaqda olan daş balkonun məhəccərinə söykəndiyimiz söyüd ağacının yarpaqları arasından üzümüzə düşən ayın şəfəqlərilə əyləndiyimiz zaman sənin əynində görmüşdüm. Mən o libası birinci kərə sənin gözlərinə sevimli bir qızın gözlərinə baxan kimi baxdığım zaman, o gözlərdə maraqlı bir sevgi romanının giriş cümlələrini oxuduğum anlarda görmüşdüm. Mən o libası Livarcan yaylasına məxsus axşam ruzigarının qarşısında oturduğumuz, ruzigarın üzümə sovurduğu sarı saçlardan bir qız saçının təbii və təmiz qoxularını dərin nəfəslərlə ciyərlərimə çəkdiyim zaman görmüşdüm. İndi mən yenə də haman sərin gecələri, bizi qanadları altına almış ay ziyasını, nəstərən çiçəyinin ətirlərinə qalib gələn saçların ətrini, söyüd yarpaqlarının Hannanın çöhrəsində oynayan kölgələrini, qarşımızdakı hovuzun suyunda görünən iki çöhrənin əksini xatırlayıram və yanımda haman Hannanı görürəm. Hər gün belə sözlər söyləmək mənim adətim idi. Qız belə sözlərlə maraqlanır və keçirdiyi günləri xatırlamaqla ürəyi yumşalır, ağlayır, sonradan ümumi söhbətlərə başlayırdı. Bu günlər mühüm günlər idi. İngiltərə və Rusiya hökumətləri bir ərəfdən İran işləri üzərində boğuşur, digər tərəfdən də dünya mühaibəsi üçün bir ittifaq düzəldirdi. Buna görə də başını çiynimə söyəyən bu amerikalı qızın ümumi məsələlərə tez keçməsi və yumalması üçün ona, hissinə toxunan o zamanları xatırlatmaq lazım idi. Miss Hanna xatirələrin təsirləri ilə başını mənim sinəmə sıxaraq: “Doğrudur, dedi, – mən o zaman, o səadətli əlbisəni daşıdığım nlarda, səndən təkrar-təkrar unudulmaz bir söz eşitmişdim. – Mənim təkrar-təkrar söylədiyim hansı sözlər idi? – Sən onda: cHamna, sənin iradən xaricində heç bir hərəkətdə ulunmayacağamlb demişdin və sən indi o sözləri unutmusan. Bu sözlərdən sonra onun göz yaşları yeni əlbisənin ətəklərinə külməyə başladı. Mən hissi söhbətlərin bununla bitəcəyinə və əsl əsələyə keçə biləcəyimizə əmin idim. Bununla belə ona yenə bəzi ylər demək lazım idi. – Ağlamağa lüzum yoxdur, gözəl Hanna. Mən o sözləri yenə də təkrar edirəm: sənin iradən xaricində heç bir hərəkətdə bulunmayacağam. Lakin sən bilirsən ki, hazırkı mühit insanların iradəsilə hesablaşmaz, insana öz iradəsi ilə hərəkət etmək imkanı verməz, sən özün söylə, öz iradənə hakim ola bilirsənmi? Yaşadığımız mühit və təsiri altında bulunduğumuz üsuli-idarə şəxsi iradənin azadlığına imkan verməz. Şəxsi iradə ilə yaşamaq imkanını əldə etmək üçün verilən qurbanlar isə hələlik müvəffəqiyyətli bir nəticə vermədi. Gözəl Hama, insanlara vicdan azadlığı vermək istəyən və insanların şəxsi iradəsinə yardım etmək yolunda çalışan fikirlərə yardım göstərən çox azdır. Sən də, mən də bu kimi fikirlərə yabançıyıq. Böyük kütlələrin azad həyatla yaşaması uğrunda verdikləri qurbanlara laqeydcəsinə baxmaqdayıq. Hanna başını sinəm üstündən qaldıraraq dağınıq saçlarını barmaqları ilə daradı və tam gözlərimin içinə baxmağa başladı: – Mən sənə and içərəm, – dedi, – hərgah mən o fikrə xidmət edənləri görsəm, onları qəlbimdəki sağlam arzularıma inandıra bilsəm, onlara yardım verər, onların dalınca gedər və o yolda verilən qurbanların məzarı üzərində saçlarımı açaraq, bir bacı kimi ağlardım. Miss Hama bu sözləri söyləyərək yenə də ağladı. Qadın üçün sürətlə ağlamaq və gözündən şəlalələr axıtmaq o qədər də təəccüblü deyildir. Onlar ən kiçik bir hadisənin təsiri altında göz yaşı tökməyə hazırdırlar. Bu göz yaşları heç vaxt və heç kəsi onun inqilabçı olduğuna inandıra bilməzdi. O, inqilaba qarşı ona görə hüsnü-rəğbət bəsləyirdi ki, inqilabın Rusiya və İngiltərə əleyhinə işlədiyini görürdü. Siyasi cəhətcə tam savadlı olan bir alman qızının, xüsusən Almaniya mənafeyini müdafiə üçün gizli bir məqsəd daşıyan Hannanın məqsədi uğrunda inqilaba müəyyən çərçivələr daxilində yardım göstərmək istəməsi də təəccüblü deyildi. Miss Hanna durub içəri otağa keçmişdi. Otaqdan çıxıb mənim yanımda oturduğu zaman, mən onun əynində Livarcan yaylasında geydiyi ipək geyimini gördüm. Əlbisənin döşlərində ulduz biçimli ləkələr də mənə tanış idi. Mən bunun üçün miss Hannaya sual verdim: – Nə üçün ləkələri təmizlətdirmirsən? O: – Bu ləkələr heç zaman təmizlənməz, – dedi, – çünki onlar bizim ilk tanışlığımızın qiymətli nişanələridir. Bundan sonra yenə də iş otağına keçdi və bir azdan sonra əlində kiçik bir paket qayıdıb gəldi. – Sənə qiymətli bir yazı göstərmək istəyirəm, – dedi. – Bu kağız İngiltərə və Rusiya dövlətlərinin İranı bölüşmək üzərində başladıqları ixtilafın mahiyyətini göstərən mühüm bir vəsiqədir. Rusiyanın London səfiri Bekendorf Rusiya xariciyyə naziri Sazonova göndərdiyi 164 nömrəli teleqramında İran nefti üzərində qalxmış İngiltərə— Rusiya rəqabətinin bəzi mühüm nöqtələrini aydınlaşdırır. Teleqramın surətin Tehranda Rusiya səfiri Korostovtsevə göndərmişlər. Bu teleqram rus səfarətindən oğurlanaraq, Amerikanın Tehran missiyasına satılmışdır. Üç gün bundan əvvəl surətini Amerikanın Təbriz konsulxanasına gətirmişlər. Hərgah belə vəsiqələrlə maraqlanırsansa oxuya bilərəm. Mən: – Çox məmnunam! - dedikdə o, çox razı qaldı və teleqramı oxudu: «London səfiri: xariciyyə işlər nazirinə 11:iyun 14-cü il, teleqram 164. Xüsusi: Fransızcadan tərcümə: Dünən əlahəzət İngiltərə kralının ad günü münasibətilə verilən nahar ziyafətində xariciyyə naziri Qrey ilə yan-yana oturmuşdum. Mən ona rus fumalistlərinin «Novoye vremyaə qəzetəsində, cAnqloperşen Oy! Nefbə kompaniyası imtiyazına aid buraxılmış məqalənin rus ictimaiyyəti əfkarına mənfi təsir bağışladığını mənə xəbər verdiyini söylədim. Qrey mənə söylədi ki, Rusiya ilə 1907-ci il müqaviləsi bağlamadan əvvəl əldə edilən imtiyaz işlərində heç bir dəyişiklik olmadığını bilmək lazımdır. Bu barədə İran hökumətilə də heç bir yeni imtiyaz müqaviləsi bağlanmamışdır. Mən Qreyə dedim ki, həqiqətdə mən belə də anlayıram. Lakin onun göstərdiyi bəhanə ümumi əfkarı qane edəcək qüvvətə malik deyildir. O mənə cavab verdi ki, bu barədə olan fikrini təxirsiz söyləmək imkanı yoxdur. O, əmindir ki, bu məsələ həll edilə bilər, cünki İngiltərə hökuməti Rusiya nüfuz məntəqəsi olan Şimali İrana oxunmaq istəmir. Əksinə olaraq hökumət çalışır ki, flota lazım yacaq nefti sahilə yaxın yerlərdə əldə etsin, çünki neft cənubda, nəsələn, onun fikrinə görə Kişmədə təmizlənməlidir. Yenə o mənə dedi ki, bu məsələdə əksəriyyətlə bütün partiyaların qorxduğu bir məsələ varsa, o da bitərəf məntəqəyə girmək məcburiyyətinin meydana gələ bilməsidir. Bizim bu söhbətimiz tamamilə xüsusi və dostanə bir söhbət idi. Bu söhbətlərim Qreyə yaxşı təsir bağışladı. Sizə bunu məlumat üçün bildirirəm. Qrey bu söhbəti təzələdikdə, yenə də mən sizə vəzifəmin tələbi üzrə xəbər verəcəyəm. Bekendorf). Bu teleqram oxunduqdan sonra miss Hama İran xariciyyə nazirinin Rusiyanın Tehran səfirinə verdiyi müxtirə məktubunu də göstərərək dedi: – İran hökuməti Rusiya və İngiltərə hökumətləri arasında mövcud olan ixtilaflardan istifadə ilə ümumi məsələlər, xüsusən Azərbaycana aid məsələlər haqqında Rusiya hökumətinə bir müxtirə məktubu vermişdir. Sən bununla da maraqlanırsanmı? – Maraqlanıram, – dedim. – Biz Təbrizdə qapanıb qalmışıq, heç bir şeydən xəbərimiz yoxdur, çünki bizim Tehran ilə əlaqəmiz kəsilmişdir. – Haman bu müxtirə məktubunda da, Tehran hökuməti mövcud olan əlaqəsizliyin nədən ibarət olduğunu izah etmişdir, – deyə məktubu oxudu. dİran xariciyyə naziri tərəfindən Rusiyanın Tehran səfiri Korostovtsevə 12 iyun 1914-eü il Fransızcadan tərcümə. Əlahəzrət İran şahının tacgüzarlıq ərəfəsində İran hökuməti bu təntənənin asudə və rahat bir şəraitdə keçirilməsinə böyük məna verməkdədir. Hal-hazırda İran və Rusiya hökumətləri arasında mövcud olan yaxşı qonşuluq əlaqəsi və yuxarıda göstərilən məsələlərdəki vahid nöqteyi-nəzər İran hökumətinə imperator hökumətindən öz məqsədinin həyata keçirilməsi üçün kömək gözləməyə icazə verir. Buna görə də İran xarici işlər naziri Rusiya xariciyyə nazirinin yaxşı xidmətlərinə istinadən İran hökumətinin məruz qaldığı çətinliklərdən açıq danışmağı və öz hökumətinin nəzərini hazırkı vəziyyətə cəlb etməsini söyləməyi özünə borc bilir. Cənab Korostovtsev rus konsul agentlərinin Azərbaycanda və sair ölkələrdə maliyyə işlərinə müdaxilə etdiyini bilməmiş deyildir. Bir çox dəfə məktubda və şifahi olaraq cənab səfirin nəzəri bu qanunsuz hərəkətə cəlb edilmişdir ki, bunlar İranın qanuni və müqəddəs hüququnun xələldar edilməsi deməkdir. Həşəmətli cənaba müraciət edərək İran istiqlaliyyətinə zidd olan qanunsuz hərəkətlərə tezliklə nəhayət verilməsi üçün qəti ricalarda bulunmuşdur. Halbuki haman hərəkətlər Rusiya hökumətinin İran istiqlaliyyətinə dair verdiyi təminata ziddir. İran hökumətinin bu müraciətlərinə baxmayaraq, vəziyyət yaxşılaşmadı, əksinə olaraq daha da gərginləşdi. Qanunsuz hərəkətlərin təkrar olunması əfkarı-ümumiyyənin daha da həyəcanına səbəb oldu. Halbuki hər iki ölkənin arasında mövcud olan yaxşı qonşuluq mənafeyi əfkari-ümumiyyənin sakit olmasını tələb edir. İran hökuməti ümid edir ki, Rusiya hökumətinin dostanə təminatı nəticəsində onun yardımına ümid bağlamaq mumkündür. Bu yardımlarla İran hökuməti öz maliyyə işlərini intizama salır. Hazırda maliyyə işləri doğru yoluna düşməkdə və İran maliyyə çətinliyindən çıxmaqdadır. Lakin təəssüf ediləcək bir haldır ki, Azərbaycanda rus konsullarının müdaxiləsi buna imkan vermədi. Vüsuqüddövlə Rusiya səfirindən qəti surətdə rica edir ki, torpaq işlərindəki uyğunsuz hərəkətlərə nəhayət verilməsi və Azərbaycandakı rus konsullarının maliyyə işlərinə müdaxilə etməməsi və İran maliyyə müvəkkillərinin vəzifəsini aparmasına əngəl törədilməməsi üçün sərəncamda bulunsun. İran xariciyyə naziri, Rusiya səfirinin nəzəri-diqqətini Hacı Səməd xan Şücaüddövlənin son vaxtlar Azəroaycandakı hərəkətlərinə cəlb etmək istəyir. Onun bütün hərəkəti, cətinlik yaratmaq üçün birinci vasitədir. Şücaüddövlə açıqdan-açığa Təbrizdə rus general-konsuluna arxalaaraq, hətta bu istinaddan sui-istifadə edərək əlahəzət İran şahının tə- .avüzkarlıq işinə də etinasız baxır və seçki işlərinə də imkan vermə— məyə çalışır. O, özbaşına hərəkətlərində daha irəli gedərək, qanunsuz rergilər toplayır və bu işdə də Təbriz konsuluna arxalanır. İran hökuməti Rusiya hökumətinin həqiqətseviciliyinə inandığı içün ümid edir ki, rus konsullarına rəsmi təlimat göndəriləcək və vücaüddövlə kimi adamlar konsulun müdafiəsinə arxalanaraq, iki iökümət arasındakı dostluq münasibətini xələldar edə bilməyəcəkdir. Xariciyyə naziri, şahın tacgüzarlıq təntənəsi münasibətilə Rusiyanın İrandan öz qoşununu çıxarmaq üçün verdiyi vədənin də yerinə yetirilmək vaxtı çatdığını cənab səfirə demək istəyir... Miss Hama hər iki vəsiqəni oxuyub bir-birinin üstünə qoyandan sonra mənim üzümə baxırdı. * * * Müharibə hazırlığı Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər. Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü. Azərbaycanın hər tərəfində basqınlar, yoölkəsmələr, qarətlər başladığından, çar konsulunun Mahmud xan və Qulusultanın ölüm səbəblərini aydın etməyə macalı qalmamışdı. İşlər belə olduğu təqdirdə konsulun qızını mənə və Ninanı da Mahmud xana vermək layihəsi də aradan qalxmışdı. Nina konsulxanadakı vəzifəsində çalışır və lazımi vəsiqələri vaxtında mənə gətirirdi. Hacı Səməd xan evdə otururdu. O, ətrafına topladığı adamlar vasitəsilə basqınçılıq, özbaşınalıq fəaliyyətini gündən-günə genişləndirir, ölkəni gücdən salır və rus qoşununun bütün Azərbaycanı işğal etməsinə imkan və bəhanə yaradırdı. Səməd xan bu hərəkətləri ilə ruslara göstərmək istəyirdi ki, Azərbaycanda sülh və səlaməti təmin edə bilən bir nəfər varsa, o da ancaq özüdür. Lakin Səməd xan çox sadə, olduqca aydın bir işi anlamırdı və bilmirdi ki, rusların da istədiyi elə həmin bu qarışıqlıq və başsızlıqdır. Səməd xan bir kərə bunu başa düşmək istəmirdi ki, ruslar elə iğtişaşları yatırmaq bəhanəsilə də dövlətlərdən razılıq alıb Təbrizi işğal etmişdi. Müharibə yaxınlaşırdı. Təbrizdə olan Abşeron alayı Türkiyə hüduduna aparılmışdı. Bunların yerinə yeni qoşun hissələri gətirmək üçün Tehran səfiri ilə Təbriz konsulu Orlov və Tiflis sərdarı Vorontsov-Daşkov arasında müzakirə gedirdi. Belə hadisələr Xoy şəhərində də baş vermişdi. Oradakı Şirvan alayı və 21-ci topçu briqadası da Səlmas və Saray tərəflərində yerləşi» Anadoluya soxulmaq üçün əmr gözləyirdi. : Hüduda aparılmış qoşunların yerini doldurmaq üçün hazırlıq getdiyi zaman, Səməd xan da ölkədəki qarışıqlıq alovlarının üzərinə yağ tökürdü. Konsula gələn və konsuldan səfirə, səfirdən isə xariciyyə naziri Sazonova gedən teleqramların arası kəsilmirdi. Təbriz konsulu Orlov Sazonova və surətini Tehran səfirinə və eyni zamanda Vorontsov-Daşkov, Xoy, Urmi, Savucbulaq, Ərdəbil konsullarına göndərdiyi 3512 nömrəli teleqramında yazırdı: €Abşeron alayının Təbrizdən aparılması, seçkilərin başlanması işləri, əhalinin həyacanına səbəb olmuşdur. Rus qoşununun İrandan çıxacağı şayiələri də aralıqda gəzir. Bu şayiələrə görə İrandakı rus qoşununun yerini İran fandarması tutacaqdır. Bu şayiələrin bir səbəbi də, Hacı Səməd xanın istefaya çıxması və yerinə Tehrandan hakim gəlməsi xəbərləridir. Belə şayiələrə arxalanan narahat ünsirlərin açıq çıxışda bulunması qorxuları da vardır. Belə qorxular, əcnəbi himayəsində olanlar və xüsusən maliyyə işlərində çalışan belçiklərin xidmətində bulunanlar tərəfindən daha artıq gözlənir!. Bu xəbərlər Qaradağ və Savucbulaq tərəflərində daha pozucu təsir buraxa bilər. Yerli qubermatorlar çıxışları sakit etmək üçün heç bir vasitəyə malik deyildir. Belə şayiələri aradan qaldırmaq və əhalini qorxutmaq üçün Təbrizdə hərbi nümayiş keçirmək, küçələrdə qoşun gəzdirmək və qaubits? topları ilə hərbi təlim başlamaq lazımdır. Bu top mərmiləri verə düşdükdə bir safın dərinliyində çuxurlar əmələ gətirir. Bir də 1acı Səməd xana tapşırılmalıdır ki, yayılmaqda olan şayiələri rədd etmək üçün qəti tədbirlərdə bulunsun. Orlov " Çar konsulu Orlov çoxdan bəri Belçika maliyyə müşavirlərini maliyyə işləindən qovmaq, yerinə rusları təyin etməyi düşünürdü. ? İstehkam topları. Təbrizdə yeni bir fitnə törətmək, xəyalına düşən çar konsulu, hərbi nümayiş vasitəsilə Əmir Heşmət üsyanının təzədən intiqamını almaq istəyirdi. Çünki o, dara çəkilənlərin və edam edilənlərin azlığından razı qalmamışdı. Hələ bu çar çinovnikinin teleqramı Peterburq və Tiflisdə müzakirəyə qoyulmadan, Xoy konsulu da Orlovun teleqramını əsaslandırmaq üçün xariciyyə naziri Sazonova göndərdiyi 55 nömrəli teleqramı ilə xəbər verirdi: €Şirvan alayının və 21-ci toplu briqadasının Xoy şəhərindən aparılması və Hacı Şücaüddövlə Səməd xanın dəyişilməsi şayiələri əhalinin həyəcanına səbəb olmuşdur. Bu kimi araqarışdırıcı xəbərləri əksəriyyətlə maliyyə işlərinə baxan belçiklər buraxır. Türklər də Urmi və Maku tərəfində çaxnaşmaqdadırə. Makunu işğal etmək məsələsi bir neçə aydan bəri müzakirə edilirdi. Biz çar konsulxanası, habelə Amerika konsulxanası vasitəsilə əldə etdiyimiz teleqramlardan Maku məsələsinin həll olunduğunu zənn edirdik. İndicə bu məsələ ciddi bir şəkil almışdı, çünki Türkiyə ilə müharibə başlandığı təqdirdə, Maku xanlığının çar ordu hissələri əlində olması lazım idi. Bura əldə edilmədən rus ordusunun Bətlis, Alaşkərd, Adilcavad, Başqala və sair Anadolu şəhərlərinə soxulması çətin idi. Bütün bu cəhətləri nəzərə alaraq çar nökərləri, çar agentləri Maku xanlığı ətrafında fitnə törətmək və qoşun gətirilməsinə imkan yaratmaq üçün əllərindən gələni əsirgəmirdi. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənə isə çar diplomatlarının bütün fırıldaqlarını anlayırdı, O, ruslarla anlaşmaq istəsə belə, ruslar onunla anlaşmayacaq idi, çünki xanlığı işğal etmək və Maku kürdlərinin Türkiyə hərbi dairələrilə əlaqəsini qırmaq, ruslar üçün su və hava kimi mühüm idi. Ortalıqda bu səbəblər durduğu halda, heç şübhə yoxdur ki, Maku xanı çar konsulu Alferovla sazişə girə bilməyəcəkdi. Makau ixtilafını həll etmək və xanlığın işğalına bəhanə yaratmaq məşhur çar agenti kürd Seyidbəyə tapşırılmışdı. Seyidbəy açıqdan-açığa fitnələr yaradır. Maku xanının təbəələrini incidir və ixtilafa zəmin hazırlayırdı. Nəhayət, Seyidbəy Xoydan Makuya gedərkən, Makunun işini bitirmək üçün Morux adlı yerdə, Xoy konsulunun təyin etdiyi agentlər tərəfindən öldürüldü. Xoy konsulu bu fitnəni yaratdıqdan sonra xariciyyə nəzarətinə və surətini Tiflisdə Vorontsov-Daşkova, Təbriz, Maku, Urmi konsullarına göndərdiyi 121 nömrəli teleqramında belə məlumat verir: «Maku konsulu Alferovun arzusuna görə mən Seyidbəyə təklif etdim ki, Makuya məktub aparsın. Seyidbəy Morux kəndinin yanından keçirkən, yeddi adam üstünə düşüb onu öldürmüşdür. Öldürənlərin başçıları Bəhram ağa, Mirabdulla və məşhur Əlibəy adlı Maku kürdüdür ki, bunlar hamısı da Maku sərdarının yaxın adamları sayılir. Hamı bilir ki, Seyidbəy Maku konsulunun arzusuna görə Makuya gedirdi. Maku sərdarı rus himayəsində olanlarla daima bu cür fəna rəftar etməkdədirə. Bu teleqram vurulandan üç gün keçmişdi, mən miss Hannanın görüşünə getdim. Bu gün onun bikar günü idi, evdə olduğunu bilirdim. Gedib danışdırmaq və nə törədiyini bilmək istəyirdim. O məni gördükdə: – Bilirsənmi? – dedi. – Xeyr, bilmirəm! – Rəfizadə Təbrizdən qaçmışdır, konsulxanadan dalınca adam göndərdilər. Gəlib, onun ailəsilə bərabər köçüb getdiyini xəbər verdilər. Bilsən nə qədər şad oldum, neçə gündür ki, onun gec-tez işə gələcəyindən qorxurdum. – Elə də olacaq idi. – Bilsən mən nə qədər sevindim. Məni məhv edəcək sirlər örtülü qaldı. Mahmud xan və Qulusultan da öldürüldü. Bax mən nə qədər xoşbəxt bir qızam! Ancaq bilmirəm o qadınlar mənim sirlərimi bir kəsə açacaqlarmı? – Əmin olunuz! Onlar özlərinin Mahmud xan və Qulusultanın öldürülmələri ilə əlaqədar olaraq dolaşa bilmələrindən qorxurlar, buna görə də bu sirri bir kəsə açmaz, zənnimcə, Təbrizdə yaşaya da bilməzər. Bunların hamısı keçib gedər, söylə görüm yeni nə xəbər var? – Səni maraqlandıracaq bir xəbər... – Siyasi hadisələrdən söylə görək!.. – Bu günlərdə Azərbaycanda yeni hadisələr baş verəcəkdir. – Nə kimi hadisələr? – Rus ordu hissələri Maku xanlığını işğal eliyəcəkdir. – Haradan bilirsən? – Tehrandan Peterburqa gedən və surəti Təbrizdəki rus konsulanasına göndərilən teleqram Amerika konsulxanası tərəfindən linmişdir. Miss Hama bu sözdən sonra teleqramı gətirib göstərdi. Tehran səfiri Korostovtsevdən Peterburqda xariciyyə naziri Sazonova. Surəti Təbrizə 334 nömrəli teleqram... 1419 nömrəli teleqram alındı, Xoya və Makuya teleqram edirəm. Bu teleqramı rəhbər tutaraq Maku sərdarına xəbər verəsiniz, bir daha əyri işlərə boyun qoyarsa, xanlığını itirəcək və eyni zamanda böyük cəzalarla cəzalanacaqdır. O, bütün işlərini Xoy və Maku konsulları ilə razılaşdırmalıdır. Siz də təxirsiz tədbirlər ittixaz etməlisiniz. Mən elə zənn edirəm ki, Maku sərdarını yalnız qoşun vasitəsilə sükuta məcbur etmək mümkündür. Ona ancaq hərbi qüvvə ilə təsir etmək olar. Korostovtsevə. Mən miss Hamnaya belə bir sula verdim: – Sən mənə bu kimi işlərdə inanırsanmı? – Mən əvvələn sənə inanıram. İkincisi də budur ki, bizim özümüz də bu cür vəsiqələrin inanılmış bir adam vasitəsilə ifşa edilməsi tərəfdarıyıq. – Təəssüf edirəm ki, mən bu vəsiqələrə qarşı olduqca ehtiyatlı davranıram. Lakin yenə də belə vəsiqələr haqqında məlumat əldə etmək faydasız deyildir. – Həmişə dediyim kimi yenə deyirəm: sənə daima bu cür məlumatı verə bilərəm. Söhbətimiz uzun çəkdi, mən yenə də miss Hamanın başına gələn hadisələrə keçərək soruşdum: – Başına gələn qəzavü-qədəri bir adama danışmısanmı? – Xeyr! Sənə and içirəm. – Xidmətçi qadın bilirmi? – O da bilmir, ona bu hadisə haqqında tamamilə başqa cür məlumat vermişəm. – Qarət olunmuş şeylər barəsində bir şey bilirmi? – Xeyr, şeyləri Amerika konsulxanasında əmanət qoyduğumu söyləmişəm. – Gələcəkdə də kimsəyə söyləməyəcəyinə and içə bilərsənmi? Miss Hanna əvvəlcə mənə, sonra da öz istədiklərinə, inandıqlarına, ibadət etdiklərinə and içdi. Mən söhbəti qəsdən uzadırdım, çünki yeni bir hadisə gözləməkdə idim. Gecə saat 11 idi, qapı vuruldu, xidmətçi qadın qapıya gedib: – Naməlum bir adamdır. €Xanımı görməliyəmə deyir, – xəbəri ilə qayıtdı. Miss Hamna donub qaldı, bir söz demədi, nəhayət, mən: – Get qapını aç və o naməlum adamı içəri burax! – dedim. Miss Hanna etiraz etməsə belə, böyük həyəcan içərisində idi. Naməlum adam adını eşidərkən başına gələn fəlakətin qəhrəmanını xatırlayırdı. Naməlum adam qapını açıb otağa girdikdə, miss Hanna: – Özüdür! Məni qurtaran və şeyləri aparan da budur, – dedi. Mən: – Qorxma, indi ki, bu adam sənə bir yaxşılıq etmişdir, sən buna hazırda təşəkkür etməlisən. Miss Hamna dodaqları arasından qopan titrək bir səslə: – Mən səndən çox razıyam, - dedi. – Səh qəhrəmansan, apardığın bütün qiymətli şeylər də sənə halaldır. Naməlum adam: – Xeyr missl Sənin şeylərin bizə lazım deyildir. Biz öz verdiyimiz yadigarları geri alan adamlardan deyilik! – deyə qoltuğunda gətirdiyi şeyləri stolun üzərinə qoydu. Mən bağlını açdım. Miss Hannaya verilmiş hədiyyələrin hamısı 3z yerində idi. – Götür şeylərini, bu mənim qardaşımdır, – dedim, – sənin nüdafiən üçün aylardan bəri səni təqib edirdi, səni qaraçı qızlarının əlindən qurtarmaq üçün mənim tapşırığımı lazımınca yerinə yetirdi. vlən də bundan razıyam. Mən Həsənağanın əlini sıxdım. Miss Hanna da onun əlini sıxıb to! başında oturmağa məcbur elədi. Həsənağa börkünü çıxarıb oturluqda qız ona diqqət edirdi: Mən: – Yaxşı bax, sənin tanıdığın bir gəncdir, – dedim. Qız yenə də gözlərini ona dikib düşünür, ona, bir də mənə bairdi. Axırda mən Həsənağanı ona tanış verdim: – Siz Payan kəndində açdığınız müalicəxanaya işə götürdüyünüz ci nəfər təbrizli gənci xatırlamırsınızmı? Miss Hanna bir daha durub onun əlini sıxdı və: – Tanıdım, tanıdım! – dedi. – Bu Həsənağadır. Ah, nə qədər qəhrəman bir gənci Təbrizdən qəlbimdə aparacağım qiymətli xatirələrin başlıcası sənin qəhrəmanlığın olacaqdır. * * * Hacı Səməd xana məktub Mən: – Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim. – Bu da onu göstərir ki, sərdar Rəşidin Təbriz hakimi təyin edilməsi təxirə düşmüşdür. Nina məndən soruşdu: – Bunu haradan bilirsən? Bir vəsiqə vardırmı? – Bu gün də konsul Nizamüddövlə bağına getmişdi. Onun Səməd xanı tez-tez ziyarət etməsi, səhhətini soruşması, keçmiş sıxı əlaqəni təzədən bərpa etmək istəməsinə işarə deyildirmi? – Yox, məsələ başqa cürdür. İngilislər hələlik Fərmanfərmanı Təbrizə hakim təyin eləmək iddiasındani əl çəkməmişdi. İran hökuməti də sərdar Rəşidin əleyhinədir. Onlar ingilislərin sərdar Rəşid əleyhinə olduğundan da istifadə edir. İşlər düzələnə qədər çar konsulunun əmrlərini yerinə yetirmək üçün adam lazımdır. Səməd xan isə öz siyasi xəstəliyindən durmaq istəmir, çünki o öz aqibətini görür. O bilir ki, Tehran səfirləri onun yerinə adam axtarır. Buna görə də konsul onu ayağa qaldırmağa və işləri idarə etməyə dəvət edir və buraxılan şayiələrin əsilsiz olduğunu söyləyir. Nina bunu deyərək bir iş qovluğu çıxardı və: – Bunları oxu! – dedi. Aprel ayının axırlarında Dilman şəhərində yerləşən 7-ci nişançı alayının soldatı Tinçenko yerli qadınlardan birisinə təcavüz etmək istərkən, qadının əri və onun qohumları soldatı döymüş və yaralamışdır. Xoy konsulu Çerkov bu məsələni böyütmüş və bunu İran işlərinə müdaxilə aləti qayırmaq üçün hadisənin rus ordusuna silahlı bir hücum şəklində qələmə vermişdir. Bu hadisə rəsmi məktub və teleqramlarla Tehran və Peterburqdan başlayaraq Tiflisə və sair konsulxanalara da bildirilmişdir. Xoy və Dilman şəhərində yerləşən rus ordusunun baş komandanını Vorontsov-Daşkov bir teleqram göndərərək soldatı döymüş, dörd iranlinin xalqın gözü qarşısında güllələmək lazım olduğunu bildirmişdir. Bu teleqramdan sonra Vorontsov-Daşkov Peterburqa xariciyyə naziri Sazonova aşağıdakı teleqramı göndərir: “Qafqaz canişinindən xariciyyə nazirinə 3614 nömrəli teleqram: Vəzirlər şurası sədrinə teleqram edirəm: Bu il aprel ayının axırında, Dilman şəhəri əhalisi tərəfindən 7-ci nişançı alayının qarovulda duran Timçenko adlı nəfəri ölümcül yaralanmışdır. Konsul Çerkovun apardığı tədqiqat nəticəsində dörd nəfər iranlının hərbi səhra məhkəməsinə verilməsi lazım görülmüşdür. İranda silahlı rus qüvvələrinin baş komandanı general Voroponov da bunu məsləhət görməkdədir. Bunların cinayət məhəllində mühakimə olunmaları camaat arasında lazımi təsir bağışlaya bilər. Bunun üçün də general Voroponova məndən icazə istəmişdir. Qraf Vorontsov-Daşkovə. Xariciyyə naziri Sazonov yuxarıdakı teleqrama verdiyi cavabında, yenə də keçmişdə olduğu kimi, iranlıların yerli hakimləri tərəfindən edam edilməsini məsləhət görür: e€Xariciyyə nazirindən Qafqaz canişini Vorontsov-Daşkova 1362 nömrəli teleqram: 3614 nömrəli teleqramınız alınmışdır. Mən elə güman edirəm ki, izim səhra məhkəməmizin İranda yenidən bərpa edilərək işə aaşlaması tövsiyə edilməyəcək tədbirdir. Xüsusən biz bu günlər indilislərlə müzakirə aparmaqdayıq. Yerli İran hakimləri bizə tabedir. özümüz bilavasitə iştirak etmədən müqəssirləri məhkəməyə verə ölərik. Konsulların nəzarəti altında onlar cəzalarına çatar, beləliklə lə, bu barədə dedi-qoduya yer qalmaz. Mən sizə yazdıqlarımı vəzirlər şurası sədrinə də məlumat vermişəm. Sazonov). Konsulun Hacı Səməd xanın görüşünə getməsi, onu işə tərğib ləməsi hiylələri, tamamilə teleqramda göstərilən tapşırıqları öz axtında və Hacı Səməd xanın əli ilə yerinə yetirmək məqsədini dayırdı, Konsul məqsədinə nail oldu. Səməd xan xəstəlikdən qalxdı. irinci kərə divanxanasına gəldiyi gün, çar konsulu Orlov ona xari- «iyyə naziri Sazonovun məsləhətlərini təqdim etdi və güllələnməsi lazım görülən dörd nəfər dilmanlının edam vərəqəsini imza olunmaq üçün qarşısına qoydu. Bu gün onun özü məni bağa çağırmışdı. Bu məsələlər gözümün qarşısında icra olunurdu. Hacı Səməd xan 11-ci il məhərrəm ayının doqquzunda taxdığı eynəyini yenə də qabından çıxarıb gözlərinə taxdı və dörd nəfər bədbəxt iranlının edam hökmünü imza elədi. Biz Nina ilə etdiyimiz söhbətlərdən və bu vəsiqələri oxuduqdan, Hacı Səməd xanın yeni cinayətlərinin şahidi olduqdan sonra belə bir qərara gəldik: Hacı Səməd xanın bu müvəqqəti hərəkətinə zərbə vurmaq: onu başlandığı bu yeni cinayətdən saqındırmaq üçün ona imzasız sarsıdıcı bir məktub yazmaq lazımdır. Hacı Səməd xan ətrafında gedən gizlin və diplomatik xəbərləri toplamaq və onun iş başından götürülməsinə aid bütün qərarları yığmaq və hamısını yazıb Hacı Səməd xana göndərmək faydasız deyildi. Heç şübhə yoxdur ki, Səməd xan belə bir məktubu alar-almaz yenə də öz siyasi xəstəliyinə başlayaraq evinə qapanacaq idi. Teleqramların surəti Ninada idi, buna görə də məktubu Nina özü düzəldəcəkdi. * * * Azərbaycan çar qubernatoru Səməd xana dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq. Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir. Sən bir neçə gün əvvəl dörd nəfər Dilman şəhəri əkinçilərinin edam hökmünü imza etdin. Ancaq sən onu bilməlisən ki, onlar sənin kimi namussuz və şərəfsiz adamlar deyildi. Onlar öz arvadlarının namusuna təcavüz edən çar soldatını döyməkdən qorxmadı. Sənin isə bir əkinçi qədər cəsarətin olmadı, çünki sən öz səadətini namussuzluq, şərəfsizlik, qorxaqlıq üzərində qurmağa çalışırsan. Sən hər nə həyasızlıq edirsən et, lakin gecdir, bu vəzifədə uzun nüddət yaşaya bilməyəcəksən! Dünyanın şəkli dəyişir. Dünya müharibəsi yaxındır. Yaxın zananlarda sənin kimilərin bir tülkücə qiyməti qalmayacaqdır! Sən əlini qanlara boyadıqca, İranın kəndlisinin qanını tökdükcə, əz məhvini də yaxınlaşdırırsan. Hazırda sənin çar diplomatları üçün heç bir əhəmiyyətin qalmanışdır. Onlar səndən lazımi istifadəni etdilər, indicə onlara başqası azımdır. Sənin yerinə namizəd olan sərdar Rəşid gözünün önündə əzir, səndən hökumət möhrünü almaq üçün əllərini uzatmağa nazırlanır. Hərgah məsələnin təxiri səni bu qədər təskin edirsə, o la yanlışdır: sənin öz yerində müvəqqəti olaraq qalmağına səbəb ngiltərə ilə Rusiya arasında aparılan müzakirələrin bitməməsidir. Hərgah bir saat bundan əvvəl ingilislər sərdar Rəşidin təyininə ica versəydi, sən bir saatın içərisində Təbrizdən kənara atılacaq din, çünki sənin zöhrəvi xəstəliklərdən çürüməkdə olan vücudunu, mali Qafqaz mədən sularına göndərmək məsələsi çoxdan bəri həll dilmişdir. Sənin «müalicəni təxirə salmaq fikrindəyəm? deyə konula verdiyin məktubun da müsbətnəticəsi olmayacaqdır, çünki Ruiya hökumətinin özü və eyni zamanda İran hökuməti də sənin zərbaycanda qalmağına razı deyildir. İndi də öz müqəddəratından əmin olmaq üçün məktubda göstəriyimiz vəsiqələri diqqətlə oxu: Tehran səfirindən xariciyyə nazirinə, 40 nömrəli depeş. İran baş naziri Vüsuqüddövlə məndən rica edir ki, balaca şahın z hökumətini qurmaq üçün ona yardım göstərək. Mən bunu öhdəmə götürdüm, eyni zamanda ona dedim ki, İran ökuməti də bizimlə ixtilaflı olan məsələləri həll etsin. Məsələn, rinci növbədə Urmi gölündə gəmi işlətmək imtiyazı bizə verilsin. Səməd xan məsələsinə gəldikdə, Vüsuqüddövlə onun Azərbayndan rədd edilməsini, yerinə İranın adəti üzrə vəliəhdin göndəməsi və şahzadə Fərmanfərmanın ona müavin təyin edilməsin klif edir. Mən bu təklifə cavabla Azərbaycan hökumətinə sərdar əşidin təyin edilməsini tələb elədim. Vüsuqüddövlə «Azərbaycan- , hərc-mərclik beş verərə – deyə bunu rədd elədi. Korostovtsevə. €Cənabə Səməd xan! Bu sizin Azərbaycandan çıxarılacağınız haqqında birinci vəsiqə. İndi də ikinci vəsiqəyə diqqət edin, çünki bu sizin üçün daha maraqlıdır. «Tehran səfirindən xariciyyə nəzarətinə 171 nömrəli teleqram Təbrizə teleqram edirəm. Şücaüddövləni İran hökumətinin göstərişlərini yerinə yetirmək üçün məcbur etmişəm. Heç maneəyə təsadüf etmirəm. Onun məzuniyyətə və müalicəyə getməsi üçün də etirazım yoxdur. Yerinə isə sərdar Rəşid, yainki Urmi hakimi təyin edilməlidir.. Korostovtsevə,. İndi də müvəqqəti olaraq hökumət başında qalmağına səbəb olacaq vəsiqələri oxu! İngiltərə xariciyyə naziri ser Eduard Qrey Rusiyanın London səfiri Bekendorfa verdiyi 129 nömrəli müxtirəsinin xülasəsində belə yazır: Biz Şücaüddövlənin idarə etdiyi ölkədəki tərzi hərəkəti tənqidə layiq bilsək də, bu tənqid onun dəyişməsini və Rusiya nüfuz məntəqəsinə keçən bir ölkənin idarəçisinin iş başından götürülməsi lüzumunu ortalığa sürmür. Cənab Sazonovun sərdar Rəşidi Təbriz genera!-qubernatorluğuna təyin etmək təklifinə gəldikdə, şübhəsiz ki, Rusiya hökuməti onun Ərdəbil qubernatoru olduğu zamandakı fəaliyyətsizliyini bilməmiş deyildir, xüsusən onun İran xalqı arasında heç bir nüfuzu da yoxdur. İran hökuməti heç bir vaxt belə simanın Azərbaycan generalqubernatoru təyin olunmasına razılıq verməyəcəkdir! Təbrizi İranın ənənəsinə görə indiyə qədər vəliəhdlər idarə etmişdir. Hər halda keçmişi naməlum olan sərdar Rəşidi, biz aktiv bir surətdə müdafiə edə bilmərik. Həşəmətli şahzadə Fərmanfərmanın təyin olunması çox yaxşıdır. Onun nüfuzu və şöhrəti vardır, özü də Rusiya tərəfdarlığı ilə məşhurdur. Hərgah cənab Sazonov buna razıdırsa, mən Tehrandakı ingilis səfirinə bu barədə sizin səfirin tərəfini müdafiə eləmək üçün vəkalət göndərimə. Cənab Səməd xan, yuxarıdakı vəsiqəni sizə göstərməklə bərabər, bunu da sizə bildirmək istəyirik ki, Rusiya hökuməti sərdar Rəşidi iş başına gətirmək üçün öz sözündə möhkəm durmuşdur. Rusiya Azərbaycan hökumətini sərdar Rəşidə verməyə müvəffəq olacaqdır. Çünki İranda sənin həyasızlığını davam etdirməyə yalnız sərdar Rəşid layiqdir. Sən hazırlan! Hazırda sənin Rusiya hökuməti yanında heç bir qiymətin qalmamışdır, lakin buna baxmayaraq, qeyd etməlidir ki, sən çar hökumətinə böyük xidmətlərdə bulundun, Azərbaycan sənin vasitənlə işğal olundu. Konsulxanadan nami altında açılan onlarca çar müəssisələrini Azərbaycanda sənin əlinlə təşkil etdilər. Sən yerlilərdən çar mənfəətinə işləmək üçün minlərcə casuslar yaratdın, çar istilaçıları İran kəndlisinin irzini, namusunu sənin vasitənlə ayaq altına aldılar. Sən çar hökumətinin əmrilə vətənin yüzlərcə rəhbərlikedici qüvvələrini qurşuna düzdürdün, dara çəkdin, həbsxanada boğdurub küçələrə atdın, aş yedirib zəhərlətdin. Təəssüf ki yaşamaq qabiliyyətinə malik deyilsən. Bir az yaşaya bilsəydin İran xalqı bütün cinayətlərin cəzasını sənə artıqlığınca verəcəkdi. İran inqilab komitəsi». * * * Sarı Ağabala xan Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim. Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı. Mənim üçün səhər çayına getmək daha əlverişli idi. Çünki bu ğır və xoşa gəlməyən, ürəyə yatmayan görüş, çox da uzun çəkməzi. Sarı Ağabala xan və Əliqərə hamıdan qabaq rəsmi formaları geini» hazır durmuşdular. Hacı Səməd xanın və müdafiəçilərinin otaqlarında gecələyən və iüüəyyən məqsəd üçün Nizamüddövlə bağına təhkim edilmiş fahilər üzlərini kirşanlaya-kirşanlaya bağdan çıxıb gedirdilər. Bütün Təbriz cəmiyyəti təbəqələrinin nümayəndələri balkonda yləşib Hacı Səməd xana təqdim olunmağı gözləyirdilər. Mən də onlarla birlikdə oturmuşdum. Bu halda Sarı Ağabala xan poçtaçıdan böyük bir məktub qəbul edib Hacı Səməd xana vermək üçün içəriyə girdi. Məktub dörd tərəfdən surqucla möhürlənmişdi. Bu bizim yazdığımız məktub idi. Balkondakılar hələ intizar çəkirdi. Nəhayət, bir saatdan sonra Hacı Səməd xanın katibi dışarı çıxaraq: – Bu gün həzrət Əşrəf heç bir kəsi qəbul etməyəcəkdir! – deyə xəbər verdi. Hər kəs kimi mən də getmək istərkən, katib məni görüb irəli gəldi, əlimi sıxdı və oturub gözləməyimi rica etdi. Bir dəstə nökərin otağa çağrıldığını və oradan tələsik çıxıb getdiklərini gördüm. Bir azdan sonra Sarı Ağabala xanı üzü üstə sürükləyərək gətirdilər. Balkonun kərpicləri üzərinə atdılar. O, müti köpək kimi arxası üstə yığılıb, böyümüş gözləri ilə ətrafına baxırdı. Hacı Səməd xan qudurmuş köpək kimi otağından çıxdı, məni görüncə: – Məni əfv edin, bir az gözləyin, bu ədəbsizi döydürəcəyəml – dedi. Sarı Ağabala xan Hacı Səməd xana yalvarırdı: – Həzrət Əşrəf, məni öz başına bağışla, – deyirdi. - Mən nədən bileydim ki, o köpək oğlu poçtaçı deyildi. Gətirib kağızı verdi, mən də qəbul edib gətirdim. Mən bilsəydim onu tutub həzrət Əşrəfin yanına gətirməzdimmi? Lakin onun yalvarışlarını eşidən olmadı. Hacı Səməd xan üzünü Əliqərə və başqa nökərlərə tutub: – İşinizə başlayın, – dedi, – beş yüz çubuq bəsidirl Bu sözdən sonra bir qucaq heyva çubuğu gətirib Sarı Ağabalanın yanında yerə tökdülər. Hacı Səməd xanın əyləşib cəza əməliyyatına tamaşa etməsi üçün də bir stul qoyuldu. İran hakimləri və mülkədarları arasında belə bir adət vardır. Onlar böyük günahkarlara cəza verdikləri zaman «əzanın layiqincə yerinə yetirilməsini yoxlamaq üçün özləri də «əzanın icrası vaxtında iştirak edirlər. Hacı Səməd xan əyləşdi, mənə nəzər yetirdi, bu məsələyə necə baxdığımla maraqlandı və: – Bəlkə, sizin üçün belə işlər naguvaradır, – dedi, – hərgah ağanın meyili vardır, buyurub otağa keçsin. Mən: – Xeyr həzrət Əşrəf! Həzrət Əşrəfin hüzurunda ədəbsizlik edən bu cürə adamları mən də öz əlim ilə cəzalandırmağa hazıram! – dedikdə, o məni öz yanına çığırdı, gətirdib başqa bir stul da qoydurdu. Əyləşdim. İşə başladılar: Sarı Ağabala xanı üzü üstə yıxdılar, onun səhər geymiş olduğu rəsmi formasını çıxarıb bir tərəfə atdılar, alt paltarlarını isə sivirib ayaqları üstünə saldılar, bir nəfər də yanını qoyub onun ayaqlarının üstündə oturdu və ikinci bir nəfər də köynəyini başına qədər sivirib başının üstündə əyləşdi, sonra da iki nəfər fərraş – biri sağdan, biri də soldan – dəstələnmiş çubuqla onun kürəyinə, belinin tirinə və yanlarına amansız zərbələr endirməyə başladı. Bir insan görə yox, heyvana qarşı da tamam bir vəhşilik olan bu hərəkət, mənə təsir etmirdi. Mən gözümün qabağında sızlamaqda və can çəkməkdə olan bu adama acımırdım. Onun inqilabçılara etdiklərini xatırlayır və bu caninin bağırtılarından, iniltilərindən qəribə bir zövq alırdım. Bu zövq məndə şiddətləndikcə təzədən Sarı Ağabala xanın cinayətləri bir-bir xəyalımda canlanırdı. Gözümün qabağında Məhəmmədəli Mirzənin Şəşkilan məhləsində tikdirdiyi yeni imarətin həyəti gəlir. Gecə saat ikidə, ay öz ləkəli çöhrəsini gizlədir, nəstərən ağacının altında icra olunacaq cinayətləri göstərməmək üçün ərk binasının dalısına çəkilirdi. Ulduzlar kəsilən başların göz bəbəkləri kimi bozarır, ruzigar da həyətdəki zirzəmilərdə yatan inqilabçıların son fəryadını İran xalqının qulağına yetirmək üçün şiddətlə əsirdi. Məhəmmədəli Mirzə pəncərənin qarşısında oturmuş, inqilabçıların bir neçə dəqiqədən sonra kəsiləcək başını Müzəffərəddin şaha hədiyyə aparmaq üçün gəlmiş Hüseynqulu xanla! konyak içirdi. Sarı Ağabala xan pəncərənin altında durub Məhəmmədəli Mirzəyə müraciət etdi: – Həzrəti valaya ərz olsun ki, Ələkbər Mirqəzəb tapılmadı. Ağcanbat və Sürxab məhləsini alt-üst etdim, yenə də tapılmadı. Məhəmmədəli Mirzə bu sözü eşitdikdə, piyaləsindəki konyak qalğısını onun başına tökərək: – Sarı məlun! Bəs necə olsun? – dedi. – Gərək bu gecə iş bitsin! Tüseynqulu xan səhər tezdən yola düşməlidir! Sarı Ağabala xan yaltaqlıqla gülümsəyərək: – Həzrət vala, bu barədə fikir etməyə dəyməz. Sarı Ağabala xan iç başı da kəsə bilməzmi? – dedi. Zirzəmidən qabaqca Mirzə Həsən xan Xəbirülmülkü çıxarıb gətirdilər. Onun qollarını nəstərən ağacının altında bağlayıb başını kəsdilər. Sonra növbət ilə Şeyx Əhməd Ruhi və Mirzə ağa Kirmaninin işini bitirdilər. Sarı Ağabala xan onların üzlərinin dərisini soydu və Tehrana göndərmək üçün üzlərinin dərisinə saman doldurub hazırlanmış qutulara qoydu. Bu mənzərə mənim xəyalımda canlandıqca, Sarı Ağabala xan da Səməd xanın çubuqları altında inləyirdi. Sarı Ağabala xanın qabırğalarından qan axırdı. Mən ondan ancaq bu sözləri eşidirdim: – Həzrət Əşrəf, mənim uşaqlarıma rəhmin gəlsin. Səməd xan: – Hüseynbala çubuqları yerə vurur, onun özünü də yıxıb əlli çubuq vurun! – dedikdə nökərlər onu da yıxıb paltarlarını siyirdilər. Bir tərəfdə Sarı Ağabala xan, o biri tərəfdə də Hüsenbala çubuqlanırdı. Onların ikisi də huşdan getmişdi, üzlərinə əba salıb götürdülər. Balkona tökülən qanı yumaq üçün su gətirdilər, Səməd xan hələ oturduğu yerdən qalxmamışdı, düşünürdü. Onun xəyalından çar hökumətinə göstərdiyi xidmətlər bir-bir gəlib keçirdi. Dar ağacları, insanları boğan qaranlıq zindanlar, inqilabçıların boğazına taxılan cırıq köynəklər və sairə onun gözünə görünürdü. Bu qədər xidmətlərinə qarşı çarın mərhəmətsizliyini düşünmək, deyəsən, onu rahat buraxmırdı. O, tərəddüd və iztirablar içində ətrafına baxınaraq: – Həkimbaşını çağırın, – dedi, – halım xarabdır. Məni otağa götürün! Cəlladın bir əlindən mən, bir əlindən də Əliqərə tutdu, onun titrək və çürüyərək əldən düşmüş olan iyrənc vücudunu bir təhər sürüyüb yatağına uzatdıq. O, ancaq bir kərə: – Əfv edin, sizə zəhmət verdim! – deyərək, mənim getməyimə icazə verdi. * * * Yeni intibahnamələr Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu. İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi. Mən onun yanına girdikdə o, bir bez kisə gətirib qabağıma qoydu və onları göstərib dedi: – Mən iki qılınc arasında qalmışam. Bilmirəm inanm, ya inanmayım, konsulun dediyinə görə bu işlərdə ingilis barmağı vardır. Buna inanmaq da olar. Bəlkə də, ingilislər mənim ilə imperator hökumətinin arasını vurmağa çalışır. Amma o biri tərəfdən də seçkilərə başlamaq üçün Tehrandan təlimat gəlir və «ana» konsul da deyir ki, bunlara əməl etmək lazımdır. Cənab ağa! Hərgah Tehran hökuməti burada hakimdir, bəs mən nəçiyəm və çar hökuməti nəçidir? Yox, burada hakim mənəm, bir də çar hökumətidir, bəs Tehran nəçidir, o nə istəyir? Bir tərəfdən də konsulun buyurduğuna inanıram: çünki intibahnamələr olan küçədə, ingiliscə yazılmış kağızlar tapılmışdır. Səməd xan bunu deyərək kisədən bir bloknot səhifəsi çıxarıb mənə göstərdi, mən ona baxıb, ingilis konsulxanası katibinin bloknot səhifəsi olduğunu söylədim. Bu səhifəni biz rus konsulxanasına yazılan bir məktubun başından kəsərək, intibahnamə qoyulan kisənin içərisinə salmışdıq. Həsənağa kisəni bazara atdıqda darğabaşı götürüb Səməd xana gətir— miş, beləliklə, ingilis şübhəsi meydana çıxmışdı. Bundan sonra Səməd xan kisədən bir intibahnamə də çıxarıb mənə verdi və : – Oxuyun! - dedi. Azərbaycanlılar! Məclis seçkilərinə hazırlıq işləri başlanmışdır. Şahın tacqoyma təntənəsi gününə qədər məclis açılmalıdır. Lakin çar fitnəsinə istinad edən Hacı Səməd xan Azərbaycanda seçki aparılmasına imkan vermək istəmir. Tehrandakı rus səfiri də belə məsləhət görür: onlar Təbriz nümayəndələrinin Tehranda seçilməsini təklif edir. Hacı Səməd xan şəxsən, Azərbaycanı İrandan ayırmaq və rus himayəsində olmaq şərtilə ölkəni idarə etməyi düşünür. Azərbaycanlılar! Hacı Səməd xan bu məqsədinə çatmadı. Rusiya xariciyyə naziri Sazonovun əmrinə görə, seçkilər mütləq Azərbaycanda getməlidir. Rusiya hökuməti ingilislərin təzyiqi ilə Hacı Səməd xanı seçkiləri başlamağa məcbur edəcək!.. Azərbaycan xalqı da seçkilərin müsbət nəticə verməsi yolunda çalışmalıdır!.. İran kəndlisi, İran kustarları, İran demokratlarıl Səsinizi məmləkətin düşmənlərinə verməyin! Səsinizi inqilabçılara, məşrutəçilərə verin! Səməd xanın adamlarına, çar himayəsində olanlara etibar etməyin, onların son günləridirl İran inqilab komitəsi Mən intibahnaməni oxuyub bitirdikdən sonra: – Burada əcnəbi barmağının hərəkət etdiyi şübhəsizdir, – dedim, -— məncə, biz cənab general-konsulun buyurduqlarına əməl etməliyik. Onun sözləri etibarlı sözlərdir. Hər halda, imperator hökumətinin sizi təqdim etdiyinə şübhə ola bilməz. Həzrət Əşrəfin əsəbiləş— məsinə lüzum da yoxdur. Sizin Azərbaycanı lazımınca idarə etdiyiniz haqqında Peterburq sarayları müsbət fikirlər daşıyır. Rusiya hökuməti Tehran hökuməti ilə anlaşsa belə, o yenə də sizin Azərbaycan üzərində olan qanuni hüququnuz hesabına heç bir zaman güzəştə gedə bilməz. Həzrət Əşrəf imperatorun özünə qarşı olan dostluq münasibətindən istifadə etməlidir. Rusiya mədəniyyətinin Azərbaycana daxil olmasına maneə yaradan səbəbləri aradan qaldırmalıdır. Həzrət Əşrəf bilir ki, maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. Mən bu sözləri onun gələcək fikirlərini və hazırda nələr düşündüyünü öyrənmək üçün deyərək ondan cavab gözləyirdim. Hacı Səməd xan arada bir qalxıb yenə yerinə oturdu. – Bərəkallah oğlum! Bərəkəllah oğlum! Fikrin mədəni bir avropalı fikridir! – dedi. – Ağa, əvam xalqımız qoymur, işimiz irəli getmir! Siz elə bilirsiniz ki, mən çalışmıram? İndi neçə müddətdir ki, Urmi gölündə gəmi işlətmək imtiyazının üstündə çalışıram. Siz ticarət, nəqliyyat məsələsini buyurursunuz, məyər Urmi gölündə gəmi işlətmək işinin nizama düşməsi nəqliyyatın islah olunması deyilmi? Amna ruslar bu barədə mənim sözümə baxmır. Mən dediyimi eşitmir. İngilislərdən qorxur. Mən deyirəm Urmi gölündə gəmi işlətmək işi Azərbaycana aid bir məsələdir. Tehran heç vaxt bizi məcbur edə bilməz ki, gərək göldə gəmi işlətmək imtiyazı Süleyman Mirzədə qalsın. Amma Rusiya hökuməti buna razı olmur, Tehranda baş vəzirə rüşvət vermək və məsələni mərkəzdə həll etmək istəyir. Mən çalışıb Makuda kargüzarlıq düzəltdim, Savucbulaqda, Urmidə, Makuda konsulxanalar açılmasına imkan verdim, oralarda əmin-amanlıq yaranmasına, ticarət yollarının səlamətliyinə çalışdım. Amma təəssüf olsun ki, məni imperator hökuməti anlamır, mənim nə vəziyyətdə olduğumu düşünmür. Hacı Səməd xan mənim yuxarıdakı sözlərimdən istifadə ilə, Azərbaycanda çar Rusiyasına vermək istədiyi imtiyazlardan uzunuzadı danışdı və bunları bir cislahatə kimi mənə qəbul etdirməyə səy etdi. Eyni zamanda o, ruslardan narazı qaldığını və özünün təqdir olunmadığını da gizlədə bilmirdi. Hacı Səməd xan axır nəfəsinin çatdığını hiss edirdi. O öz yerini tutmağa hazırlanan sərdar Rəşidi gördükdə özünü şaşırırdı. Biz Səməd xanla şirin söhbətdə ikən, telefonçu gəlib sərdar Rəşidin hüzura gəlməyə icazə istədiyini xəbər verdi. Xanın rəngi birdən-birə dəyişdi, acıqla: – Məndən ona salam yetir! – dedi. – Ərz elə ki, həzrət Əşrəf özünü yaxşı hiss etmir, bu gün qəbul edə bilməyəcəkdir! O, yenə də rusların vəfasız olduğuna işarə edərək sözünü bitirdi. – Əfv edərsiniz, bu gün Nina xanım bir az xəstədir. Ona həkim gətirməliyəm, – dedikdə o: – Mənim təşəkkürümü ona yetir! – dedi. – Sizin bu dostluğunuzun xatirəsi məndə həmişəlik qalacaqdır. Sabah axşam təşrif gətirin, sizinlə bəzi məsələləri danışmalıyam. * * * Konsula və Peterburqa yazılan məktublar Hacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim. Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu: – Cənab ağa, siz rusca yaxşı yaza bilirsinizmi? – Çox yaxşı yazıram. – Mənim üçün iki məktub yazmaq lazımdır: birisi cənab generalkonsula, ikincisi isə Peterburqda nazirlər şurasına. Bu məktubları mən özüm farsca yazmışam. – Çox pakizə, bəndə də onları ruscaya tərcümə edərəm. Bu sözdən sonra Hacı Səməd xan farsca yazılmış məktubları götürüb: – İndi mən bunları oxuyum, siz də tərcümə edin! – dedi. – Bacardıqca diqqətli olmalısınız. Qoy deməsinlər ki, iranlılar məktub yazmağı da bacarmır. – Sizin istədiyiniz kimi tərcümə edərəm. Mən özüm farsca da oxuya bilirəm. Əvvəlcə Səməd xanın Təbriz general-konsuluna yazmış olduğu məktubu tərcüməyə başladım. Azərbaycan valisi Hacı Şücaüddövlədən Təbriz generalkonsulu Orlov cənablarına. Hərgah imperator hökuməti tərəfindən İran məclisinə başlanmış seçkilərdə iştirakım arzu olunarsa, mən Azərbaycanın xüsusi bir vətəndaşı kimi burada iştirak edərəm. Mənim burada bir valı sifətilə iştirak etdiyim xəbəri çıxar-çıxmaz yalnız Qaradağ, Ərdəbil və Savucbulaqda deyil, Təbrizin özündə də nizamsızlıq başlaya bilər. Mən uzun bir müddət çalışaraq cəza qanunlarına müraciət etməkdən sülh və səlaməti bərpa edə bilmişəm. Buna görə də qan tökülməsinə imkan verməmək üçün məzuniyyətimin qəbul olunması, yerimə isə yerlilərdən, yainki Tehrandan bir nəfərin təyin edilməsini arzu edirəmə. Məktubu tərcümə edib, bitirdim. Onun farsca əlyazısını özünə qaytardıqdan sonra rusca yazdığımı oxuyub ona tərcümə elədim. Çox xoşuna gəldi. Sonra Peterburqa xariciyyə nəzarətinə yazdığı məktubu verdi. €Azərbaycan general-qubernatoru Şücaüddövlədən Peterburqda xariciyyə nazirinə Heç şübhə yoxdur ki, imperator, nazirlər şurası mənim keçmiş fəaliyyətimi lazımınca bilir. Bir-iki il bundan müqəddəm, onda ki, bütün İranı iğtişaş sardığı vaxt, mən heç bir firqəyə qoşulmadan yerimdə oturmuşdum. Mən ümid edirdim ki, İran hökuməti bir zaman vəziyyətə hakim ola biləcəkdir. Mən ümid edirdim ki, xalq bir zaman inqilabın pəncəsindən qurtarmaqla rahat yaşaya bilər. Təəssüf olsun ki, İranın vəziyyəti bədbəxtanə, gündən-günə xarablaşdı. Ölkə tamamilə əmniyyət və rahatlıqdan məhrum edildi. Bu vaxtlar mən heç bir firqəyə yanaşmadan hökumətin əmrinə görə öz qüvvətimi toplayıb altı aydan bəri Sərdarudda durmuşdum. Buradan inqilabın nəticəsini təqib edirdim. Rus qoşunları Təbrizə gəldiyi vaxt qismən intizam bərpa olundu və ümumi rahatlığın nişanələri görünməyə başladı. O zaman mən də hökumətin əmrinə görə inqilabçıları hər yerdə təqib etməkdən əl çəkmədim. Talan və qarət yenidən başladı, üsyanlar qalxdı, yenə də xalq evində rahat otura bilmədikdə, inqilabçılar təzədən hər tərəfi əhatə etdi. Xüsusən bütün Azərbaycan bir inqilab ocağına döndü, mən də məcburən Təbriz inqilabçılarını məhv etmək qərarına gəldim. Mən vaxtilə Təbrizdən iki verst məsafədə durmuşdum. Rus qoşunları bu çəkilməz vəziyyətlə toqquşmağa başladıqda və müdafiəyə məcbur olduqda hərc-mərclik yatmağa başladı. Ciddi tədbirlər və ağır cəzalar nəticəsində asayiş bərpa oldu. Rahatlıq başlandı, o vaxt mən də imperator hökumətinin icazəsi lə Azərbaycan ölkəsinin idarəsi başına keçdim və bu günə qədər darə edirəm. Lakin ölkədə yeni siyasi dövrün başlanması ilə yeni məsələlər lə meydana çıxdı. Bu məsələlər Azərbaycanı idarə etmək işində əzi çətinliklər törətdi. İmperatorun Azərbaycandakı konsulxanaları arasında vahid ir nöqteyi-nəzər olmadığından və işə çağırılmış yeni konsulların sas məsələlərdə Təbriz konsulu və Azərbaycan valisi ilə hesablaşnadıqlarından ölkədə hərc-mərclik meydana gəlir. Belçiklərin bizə yardımdan boyun qaçırması, onların Azərbaycan maliyyə interesinə yabançı olmaları, bir para xainlərin konsul ilə mənim aramı vurmağa çalışmaları, ştatdan artıq maliyyə məmurları saxlamaqla 50 min tümənə görülən işləri 300 min tümənlə başa gətirərək ölkənin büdcəsinə zərbə vurmaları, işlərin doğru və asan yolu ilə gedişinə böyük əngəllər törətməkdədir. Onlar nə konsulu, nə də bir Azərbaycan qubernatoru olmaq sifətilə məni tanımaq istəmir, özlərini mənim qarşımda məsul bilmirlər. Bunlar, eyni zamanda İran xalqını da sıxışdırmaqdadırlar. Bütün bunları nəzərə alaraq, belçik maliyyə məmurlarının yerinə ruslardan təyin edilməsini rica edirdim. Bir neçə rus, bir neçə də işlə tanış yerli məmurların vasitəsilə ölkədə rüsumət və vergi məsələlərini həyata keçirmək mümkün və lazımdır. Mən padşah vəzirlər şurasının sədri müşavirinə məruzədə bulunduğum və Azərbaycan hərbi təşkilatı xüsusunda danışdığım kimi indi də aşağıdakı təkliflərdə bulunuram: a) Azərbaycanın üç məntəqəsində kazak briqadası təşkil etmək. b) Azərbaycan qoşunlarından seçib piyada və atlı qoşun dəstələri düzəltmək və onları rus təlimatçılarının tərbiyəsi altına tapşırmaq. Bütün Azərbaycan xalqı bilir ki, mən Azərbaycanda bugünkü günü gözləyirdim. Hərgah icazə verilsəydi, mən Peterburqa gəlib xüsusi məruzədə bulunardım. Bu da olmazsa, mənə müalicəyə getmək üçün uzunmüddətli bir məzuniyyət verəsiniz ki, müalicədən qayıdarkən Peterburqu ziyarət edə bilim. Hacı Şücaüddövlə Səməd xanə. Hacı Səməd xan məktubların hər ikisini təqdir etdi və sonra: – Bunları makinədə yazmaq lazım deyilmi? – deyə soruşdu. – Lazımdır. Verərəm Ninaya, konsula bildirmədən makinədə yazib gətirər. – Belə ha, namusuna qurban! * * * İngilis – rus ixtilafı Dünya müharibəsi yaxınlaşaraq imperialist dövlətlərinin tamam boğazlarına çökmüşdü. Avstriya ilə Serbiya arasında gedən müzakirələrin nəticəsiz qaldığı, Almaniya və Rusiya dövlətlərinin bundan istifadə ilə ümumi çarpışmalara hazırlaşdığı və İngiltərə, Rusiya, Fransa ittifaqı düzəltdiyi zamanda, yenə də İngiltərə və Rusiyanın İran məsələlərində olan ixtilafı öz qərarında davam edirdi. Rusiya xariciyyə naziri Sazonov, Rusiyanın böyük müharibə qarşısında durduğunu nəzərə almayaraq, yenə də İran hökumətinin notasındakı tələblərə qənaətbəxş cavab vermədi. İran hökumətinin notasına verilən 8 iyul 1361 nömrəli cavabda yazılırdı: «Rus təbəəsi və rus himayəsində olan yerlilərə İran hökuməti ərəfindən vergi təyin edildiyi vaxt, konsulxana nümayəndəsi iştirak etməlidir. Onlardan toplanan vergilər isə tamamilə rus bankına veri!nəlidir, çünki paraların harada və necə sərf olunması işinə Rusiya çonsulları nəzarət etməlidim. Sonra Sazonov İran notasına verdiyi cavabında Şücaüddövlə nəsələsinə keçərək bildirirdi: «Hacı Şücaüddövlə məclis seçkilərində iştirak etmək işində izim sözümüzə baxmır. O, səhhətinin pozulduğunu göstərərək vəifə başında qalmaq da istəmir. Buna görə də biz aşağıdakı şərtlərlə əliəhdin Təbriz hökuməti başına gəlməsinə razıyıq: Vəlahəzrət vəliəhd öz yaxın adamlarını məmləkətin idarəsi trafına buraxmamalıdır. Kirmanşahda yaxşılıqla tanınmış şahzadə Fərmanfərma pişkar ifətilə vəlahəzrət vəliəhdin müəyətinə təyin edilməlidir. Bundan əlavə, Rəşidülmük də müəyyən bir vəzifə ilə Azərbayanın inzibati aparatına təyin edilməlidirə. Sazonov bunları İran hökumətinə qarşı bir güzəşt hesab edərək əmişəki kimi dövlətdən bəzi imtiyazlar da tələb edirdi: Urmi gölündə gəmi işlətmək. Muğanın İran hissəsinin. İsfahanda suvarma işlərinin imtiyazı. Bu imtiyazları istədikdən sonra, Sazonov ən mühüm bir məsələyə də cavab verirdi. dBiz İran hökumətinin, rus təbəəsinin İranda mülk əldə etməsinə qarşı olan etirazına belə cavab veririk: İran hökumətinin, Türkmənçay müqavilənaməsinin 5-ci maddəsini əksinə yozması qəbul edilməyəcək bir məsələdirəl. Sazonov bu sözlərdən sonra İran hökumətinin, kazak briqadasının ləğvinə və rus qoşununun İrandan çağrılması tələbinə cavab verərək yazırdı: Hələlik biz bunu imkan xaricində hesab edirik. Yalnız bütün Azərbaycanda və Şimali İranda kazak dəstələri təşkil edildiyi zaman rus qoşunu İrandan çıxa biləcəkdir. Bu da ancaq İranda İsveç zabitləri nəzarəti altında landarm dəstələri təşkil etməyin ortadan qaldırılması ilə mümkündürə. Bundan sonra Sazonov ingilislərlə olan ixtilafı və İran hökumətinin bəzi məsələlərdə ingilis səfirinə müraciət eləməsi məsələsindən bəhs edərək İran hökuməti kabinəsini kəskinliklə tənqid edir və səfirə yazırdı: Siz Rusiya imperator hökuməti namından Tehran hökuməti kabinəsinə bildirin: Bilavasitə İran-Rusiya hökumətlərinə aid olan məsələlərdə başqa bir hökumətin vasitəçiliyinə müraciət eləmək yersizdir. İran hökuməti bir neçə ittifaqda Rusiya hökumətinin İran məsələlərində başqa hökumətin müdaxiləsinə razı ola bilmədiyini görmüşdür. Bu kimi müdaxilələr iki qonşu hökumət arasında mövcud olan ixtilafın dostluqla həll edilməsi işinə də mane ola bilərə. Sazonov İran notasına verdiyi cavabı, örtülü təhdidlərlə bitirir və notada göstərilən tələbatın heç birisində İran hökumətini qane etmək istəmirdi. Sazonov İran hökumətinin etirazına və bu yolda ingilislərin tənqidlərinə baymayaraq, yenə də Şücaüddövləni Azərbaycan hökuməti başında saxlamaq fikrindən vaz keçməmişdi. O, İrana verdiyi nota ilə bərabər, iyulun 10-da İngiltərənin Peterburq səfirinə də bir müxtirə vermişdi. Burada Sazonov Rusiyanın i Rusiya ilə İran arasında bağlanmış 1828-ci il 22 fevral Türkmənçay müqavilənaməsinə görə rus təbəəsinə ancaq ev almaq ixtiyarı verilir. Çar təbəələri isə bundan istifadə ilə İranda kəndlər alır, böyük mülkləri zorlayıb əlinə keçirməklə İranda kaloniyalar salırdılar. i 281 Şimali İranda çəkdiyi zəhmətləri və rus mənafeyinin nə qədər zərərə düçar olduğunu saymaqla bərabər, Azərbaycan məsələsinə keçərək yazırdı: «Azərbaycan məmləkətinin Rusiyanın marağını belə hökmən cəlb etməsi təbiidir. Çünki bura, Qafqaz ilə həmhüduddur. İmperator hökuməti bir az əvvəl inqilab baş vermiş belə bir məmləkətin nizamsızlıqlar, iğtişaşlar içində qalmasına soyuqqanlılıqla baxa bilməzdi. Nəhayət, Azərbaycan hökumətinin başına yerli şəraiti bilən, yerli xalq arasında böyük nüfuza malik olan və hər yerdə bacarıqlı sayılan Şücaüddövdə keçdi. Lakin Tehran hökuməti onun möhkəmliyini görmək istəmir, onu əski şahı taxta gətirmək tərəfdarlığı ilə töhmətləndirir: halbuki Tehran hökumətinin bu iddiası tamamilə əsilsiz çıxdı və Şücaüddövlə nəticədə hökumətə sadiq qaldı». Sazonov yenə də iyulun 10-da, İngiltərənin Peterburq səfirinə verdiyi başqa bir məktubunda, bitərəf məntəqədə mövcud olan və İngiltərə-İran neft kampaniyası tərəfindən imtiyaza götürülən neft məsələsinə keçərək yazır: €Sizə məlumdur ki, rus mətbuatı bu məsələ ətrafında həddindən artıq həyəcana düşmüşdür. Çox yaxşı olardı ki, rus əfkari-ümumiyyəsini həyəcana gətirən bu qorxulu məsələnin təskini üçün sizdən əlverişli bir xəbər əldə edə biləydik. Heç şübhə yoxdur ki, kampaniya məzkur neft imtiyazını 7-ci il müqavilənaməsindən əvvəl əldə etmişdir. Lakin bu bir faktdır ki, bu müəssisənin İngiltərə əlinə keçməsi, işi tamamilə dəyişir. Yaxşı olardı ki, İngiltərə dostluq xatirinə bitərəf məntəqədəki ”u neft mənbələrinin istismarından əl götürəydi, çünki o bitərəf məntəqədə olsa da, bizim nüfuz məntəqəmizlə həmhüduddurə. Biz bütün bu söhbətləri miss Hanna ilə danışdıqdan sonra o, sözü Almaniya-Rusiya ixtilafı üzərinə gətirmək istədi, mən buna yol verməmək üçün sözünü yarıda kəsib ona sual verdim: – Amerikanın gələcək müharibəyə nə nəzərlə baxacağı məlumlurmu? – Məlumdur. Amerika bitərəf qalacaqdır! Bunu bilməyən yoxdur! Mən: – Yanılırsan, – dedim, – Amerika Avropa müharibəsini dördgözə gözləyir. O bu müharibədə almanların və ingilislərin qalib çıxnasına razı ola bilməz, onların ikisi də Amerikanın rəqibidir. Onun müharibəyə qoşulması, müharibənin son nəticələri görünməyə başladığı zaman mümkündür. O bütün avropa zəif düşdüyü və amerikanın iqtisadi boyunduruğuna soxulduğu zaman, qalib çıxması gözlənilən dövləti əzmək məqsədilə müharibəyə girəcəkdir. Sən ehtiyatlı ol! Amerikanın Almaniya əleyhinə müharibəyə çıxacağı ehtimalı bütün ehtimallardan güclüdür. Sən Amerika müəssisəsində çalışırsan, özün də məsul bir işdəsən. Heç vaxt özünü alman tərəfdari kimi tanıtma. Belə olursa mən də səndən razı qalaram. Əks halda başına bir fəlakət gəlirsə, səni müdafiə etmək də çox çətin olar. Hələ Anadolu cəbhəsi də qarmaqarışıq bir cəbhədir. Burada yalnız ruslar, türklər deyil, kürd-erməni, erməni-türk ixtilafları da vardır. Buralarda sənin tələf olacağından qorxuram. Miss Hanna qaşlarını çatıb dodaqlarını büzərək çox düşündü və sonra da: – Bunların hamısı düzdür, – dedi, – lakin Almaniya hər bir dövlətdən yüksəkdir. Mən isə bir alman qızıyam. Əcəba, mənim üçün Almaniya tərəfdarı olmamaq mümkündürmü? Qız həqiqi simasını açırdı. Böyük bir bədbəxtlik uğrunda çalışan bu qız nə qədər qorxulu bir vəzifə daşıdığını heç də hesaba almırdı. – Sən mənə inqilabçı bir qız olacağını söz vermədinmi? – dedim, – sən fəqir və yoxsul xalqların mənafeyi uğrunda işləmək üçün mənə and içməmişdinmi? Sən İran inqilabı qurbanlarının məzarı üzərində saçlarını açaraq doğma bir bacı kimi ağlayacağına söz vermədinmi? Bunların hamısına qız qısa bir cavab verdi: – Doğrudur, söz vermişəm! – Bəs o sözlər hanı? O sözlərini bir alman casusu olduğunlamı həyata keçirəcəksən? Qız: – Gəl, düz danışaq! – dedi. – Sən bu saatda İngiltərə-Rusiya hökumətləri əleyhinə işləyirsən, sən bunu mənə dildə və yazıda göstərməsən belə, mən sənin bütün hərəkətlərini görür və sənin bir İran inqilabçısı olduğunu anlayıram. Çox gözəl, sən Rusiya— İngiltərə əleyhinə işlədiyin kimi, bir alman qızının da bu yolda, bu qaya ilə işləməsi casusluq niyə olsun? Sən bütün dünyada öz millətini sevməyən, onu şərəfli və namuslu görmək istəməyən bir xalqı nişan verə bilərsənmi? Cavab ver, əziz dostum! Zənn edirəm ”u cür söhbətlərin bizim sevgimiz və dostluğumuzla heç bir əlaqəsi yoxdur. Mən indi, doğrudan da, fəaliyyətli, bacarıqlı, çox da cəsarətli bir alman casusunun qarşısında bulunduğumu dərk edirdim. Mən illər uzunu bir casusun nazını çəkmişdim. Onu böyük təhlükələrdən qurarmışdım. Halbuki mən birinci gündən, bunun məhvinə çalışmalı və onu bir casus olduğu üçün Təbriz üfüqündən itirməli idim. Lakin bununla yanaşı olaraq, bizim bu casusdan bir çox mühüm istifadədə bulunduğumuzu da xatırlayırdım. Mən indi dərk edirdim ki, qızı Amerika konsulxanasının sirlərini bizə verməyə və amerika ticarət müəssisələrini Məşədi Kazım ağa vasitəsilə böyük zərərlərə düşürməyə sevgi yox, bir vəzifə məcbur edirmiş, çünki bir alman qızı amerikalılara qarşı da nifrət bəsləməkdə imiş. Onun məlahətlə dolu olan gözlərinə baxdım: – Öz millətinin qeydinə qalmayan insan yoxdur, – dedim, – bu sözünə şərik ola bilərəm. Lakin öz millətini başqa millətlərin əzilməsi hesabına yüksəltmək istəyənlərə qarşı dərin bir nifrət bəsləyirəm. Qızın bu sözdə bədəninə sanki bir iynə batırdım, o diksindi, hətta əlindəki stəkan hərəkət etdiyindən bir neçə damcı çay stol üzərinə töküldü. Mənə belə bir sual verdi: – Sən türk və eyni zamanda iranlı deyilsənmi? – Bəli türkəm, özüm də iranlıyaml – Həm türk, həm də İran xalqı əzilmiş bir xalq deyildirmi? – Əzilmiş xalqdır! – Belə olduğu halda hər iki əzilmiş məmləkətin qeydinə qalmamaq nə üçün? Əcəba, almanların ingilislər və ruslarla başladığı mübarizəsi bu məqsədi daşımırmı? – Xeyr. Belə deyildir. Almanların qalib çıxması ilə bu iki məmləkət azad ola bilməz! Ancaq bir cahangirdən qurtarıb başqa bir cahangirin pəncəsinə keçər, daha da əzilər. İstər türklər, istərsə də ranlılar müharibə edən dövlətlərin heç birisinə yanaşmayaraq, onların hamısına nifrət bəsləməli və bu müharibəçiliklə mübarizə aparmalıdırlar Qız üzünə tökülən saçlarını yuxarı darayıb dedi: – Mən, belə məlum olur ki, çoxdan bəri dünyanı dağıtmaq və mədəniyyətin kökünü qazmaq istəyənlərin yolunu izləyən və bu yolda çalışan bir zatla qarşı-qarşıya otururam. Səni nə qədər sevdiyimi söyləmək artıqdır. Sevgini ölüncə davam etdirəcəyəm. Hərgah mənim sənə qovuşmağıma başqa maneə yoxdursa, demək, ideyalarımız arasındakı ixtilaf sevgimizin nəticəsiz qalmasına səbəb olmuşdur. Yenə də sənə deyirəm, fikrin bolşevik fikridir. Bu fikirlə dünya idarə olunmaz! İndi artıq qızla bu haqda danışmağı faydasız görürdüm, çünki mütəxəssis bir alman casusunu təbliğ etmək axmaqlıq idil Çox oturmadım, söhbətin mövzusu da dəyişildi, durub vidalaşdığım zaman o: – Söylə, sənin məni müdafiə edəcəyinə əmin ola bilərəmmi? – dedikdə mən: – Getdiyin yolu yox, fəqət şəxsini müdafiə edərəm! – deyərək çıxdım. * * * Miss Hannanın son günləri Rusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü. Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi. Biz Hacı Səməd xan və sərdar Rəşidin İranın bitərəfliyini pozmaq təşəbbüslərini buraxdığımız intibahnamələrlə ifşa edirdik. İntibahnamə Azərbaycanlılar! Dünya müharibəsi başlanmışdır. Kütlələr qoyun sürüsü kimi şərq və qərb cəbhələrinə sürülür. Rusiya-Türkiyə dövlətləri arasında gedən müzakirələr müsbət bir nəticə vermədiyindən, yaxın günlərdə sizin bədbəxt vətəniniz də müharibə cəbhəsinə dönəcəkdir. Səməd xan və sərdar Rəşid çar konsulunun təlimat üzrə, Azərbaycan xalqını da bu qanlı vuruşmalara çəkməyə çalışır. Baxınız çar konsulu, Tehranda rus səfiri və Tiflisdə canişin Vorontsov-—Daşkova nə teleqram göndərir? Bu teleqramı diqqətlə oxuyun. Övladlarınızın bu qanlı müharibədə bu cahan— girlik vuruşmalarına sürülməsinə yol verməyin! Teleqram Ne 549 19 iyul 1914 Surəti Tehrana və Tiflisə. cŞücaüddövlə və sərdar Rəşid məndən rica edir ki, sizi onların canlarını imperatorun yolunda fəda etməyə hazır olduqlarını inandınm, Mən elə düşünürəm ki, Türkiyə ilə münasibətimiz mənfi bir şəkil aldığı üçün Azərbaycan qubernatorunu dəyişmək mümkün deyildir. Azərbaycanda onlar rus qoşun dəstələri və bundan da əlavə bura gətiriləcək qoşunların nəqliyyat və ərzaq işlərinin təmini məsələsini Şücaüddövlə öhdəsinə götürdü. Türkiyə ilə müharibə baş verdiyi təqdirdə sərdar Rəşid miqdarı 20 mindən ibarət olan kürd qol ordusunun başında duracaqdır. Şücaüddövlə isə şimal qoşunları, Sərab, Qaradağ və Xalxal qəbilələri başında durmaqla Türkiyəyə hücum edəcəkdirə. İran İnqilab Komitəsi». Bizim bu intibahnaməmizdən bütün şəhər bir-birinə dəymişdi. Bazarda, dükanlarda hamı bu məsələdən danışırdı. Bazarda və çarsularda Almaniya-Türkiyə tərəfdarlarını həbsə ilir və sürgün edirdilər. Yalnız Almaniya tərəfdarı olmaq deyil, Almaniya adını çəkmək eelə həbsə, döyülməyə və təbid olunmağa səbəb olurdu. Bu gün yenə də bazar camaatının sel kimi axıb getdiyini gördüklə maraqlandım. Hər kəs: «Alman tərəfdarını tutublar?— deyə yüyüürdü. Camaat dəstəsi bir çörəkçixananın qarşısında daha da çoxaldı. 1ər kəs boynunu uzadıb alman tərəfdarının görməyə çalışırdı. Nəhayət, oradan tamamilə çılpaq bir adamı çəkib çarsuya saldıar. Mən yanımda duran polisdən onun kim olduğunu soruşduqda, o nənə belə cavab verdi: – Bunun atası Təbrizin məşhur lotularından Hacı Allahyarın oğudur. Lakin bu gördüyünüzün özü də dəlidir. Adına cAllahyarxanp leyərlər. Həmin bu çörəkxanada yayı-qışı təndir damında yatar. Mən təəccüblə polisə sual verdim: – Çox gözəl, indi ki, bu adam dəlidir, özü də çılpaq bir dilənçidir, daha bundan nə istəyirlər? Polis bu sual üzərində mənim üzümə tərs-tərs baxaraq: – Necə yəni bundan nə istəyirlər? – dedi, – görmürsənmi alman tərəfdarıdır? Mən susdum, çünki Təbrizin bugünkü vəziyyətində hər kəsi bu adla məhv etmək mümkün idi. Mən oradan keçdim, hələ o qədər də getməmişdim ki, haman çılpaq «alman tərəfdarınıə, bir də onu dükanda yatmağa buraxan İsmailqərəni çəkə-çəkə Səməd xanın yanına aparırdılar. Sonradan mən onun nə cür «alman tərəfdarı? olduğu haqqında doğru məlumat topladım. Çılpaq Allahyarxan Hacı Səməd xanın fərraşbaşısından pul istəmişdir. Fərraşbaşı ona acıqlanaraq: – Tək oğlansan, pul sənin nəyinə gərəkdir? – dedikdə haradansa dəlinin ağlına belə bir cavab gəlmişdir: – Pulu alman qifilinə verib ağzıma vuracağam ki, bir də sənin kimi çakəşlərdən pul istəməyim. Bu sözün üstündə də Təbriz dəlisini, alman tərəfdarı deyərək, Nizamüddövlə bağına sürüyürdülər. kokok Osmanlılarla rusların birinci vuruşlarında Səməd xanın türklərə qarşı qoyduğu dəstə tamamilə pozulub dağıldı. Təbrizdə olan alman və osmanlı konsulları həbs edilərək Qafqaza sürüldükdən sonra Təbrizin siyasi vəziyyəti tamamilə dəyişdi. Gündən-günə şəhərin işğalı gözlənirdi. Şəhəri böyük təhlükə gözləyirdi, çünki Təbriz üzərinə yürüyən Türkiyə hərbi qüvvələri nizami qoşun deyildi, gələn qüvvət əksəriyyətlə kürdlər idi. Avropalılar və rus təbəələri, eyni zamanda rus himayəsində olanlar Təbrizdən köçüb gedirdi. Konsulxana əzalarından da bir çoxu köçüb getmişdi. Təbrizdə qalan ancaq konsulun özü və bir də mütərcimləri idi, konsulun ailəsi də Rusiyaya göndərilmişdi. Osmanlı konsulunun həbs edilərək Təbrizdən göndərilməsinə baxmayaraq, osmanlı və alman tərəfdarlarının qapısı bir çoxlarının ibadətgahı olmuşdu. Bir gün əvvəl konsul məni və Ninanı çağıraraq köçüb getmək lazım gəldiyini söyləmişdi. Konsul Ninanın Təbrizdə qalmasını qorxulu hesab edirdi. Ninanın müvəqqəti olaraq köçüb getməsinə mən də razı idim, çünki Təbrizin müqəddəratı məlum deyildi. Lakin Nina məni Təbrizdə buraxıb getmək istəmirdi. Bunun üçün də onu olduğu binadan, öz yaşadığım evə köçürmək qərarına gəlmişdim. Bu gün Həsənağa, Tütünçüoğlu Ninanı köçürmək üçün onun şeylərini bağlamaqla məşğul idilər: biz onun Təbrizdə qaldığını gizli saxlayırdıq. Bina sahibinə və başqalarına da Ninanın Təbrizdən köçub getməsini söyləyirdik. Mən şeyləri bağlamaqla məşğul ikən, axşam saat səkkizdə Nina da konsulxanadan qayıtdı. Şeylər bağlanıb qurtarmaq üzrə idi, bir çoxunu da mənim evimə göndərmişdik. Nina şeyləri nəzərdən keçirərək: – Elə hamısı bunlardırmı? – deyə soruşdu. – Xeyr, hazır olanları göndərmişik. – Hara? – Culfayal – Culfaya nə üçün? – Bəs sən Rusiyaya getmək istəmirdinmi? – Xeyr! Mən sənə demədimmi? Konsulun özünə də indi bu saat qəti olaraq dedim ki, mən getmək istəmirəm! Nina bir az düşündü: – Eybi nədir, sən mənim getməyimi istəyirsənsə, gedərəm, amma... O, sözünün axırını demək istəməsə belə, yenə də nə demək istədiyini bilirdim. O demək istəyirdi ki, gedirəm, amma daha qayıtmayacağam. Mən onun uzun müddət həyəcan keçirməsinə razı olmadım və: – Nina, sən buradan mənsiz getməyəcəksən, şeyləri o biri evimizə göndərdik, – dedim. O şadlandı: – Deyəsən, bizim həyatın şəkli dəyişir, – deyə qolumdan tutub məni içəri otağa apardı və redikülündən bir məktub çıxarıb mənə göstərdi. «Möhtərəm miralay Fon Paxov. Zənn edirəm ki, bu mənim sizə yazdığım son məktub olacaqdır. İkinci məktuba qədər bir az sizin özünüzlə görüşüb şifahi söhbət edə biləcəyik, daha doğrusu, ikinci məktubu yazmaq lazım olmayacaqdır. Ruslar və rus təbəələri qaçır, Təbrizdə olan sərvəti xaricə çıxarırlar. Buna görə də Təbrizə girmək işini sürətləndirməlisinizl Rusiyanın Təbrizdə türklər üçün qorxu təşkil edə biləcək mühüm qüvvəsi yoxdur. Səməd xanın dağılmış dəstələri hesaba alınmazsa, rusların silahlı qüvvəsi bir alaydan artıq ola bilməz. Yerli inqilabçılar xalqı intibahnamə ilə bitərəfliyə və ümumi müharibə əleyhinə mübarizə aparmağa dəvət edirlər. Məktubla bərabər şəhərə buraxılan intibahnamələrdən də birisini göndərirəm. Türk qoşunlarını təntənə ilə qarşılamaq üçün lazımı təşəbbüslərdə bulunmuşuq. Təbrizi türklərdən geri almaq üçün Tiflisdən, Aleksandropoldan yeni qoşun dəstələrinin yola düşməsinə aid Amerika konsulxanasında xəbər vardır, konsulxana əzalarından Frikson Amerika konsulxanasından ələ gətirilən gizlin vəsiqələri ingilislərə və ruslara satır. Siz bu barədə göndərdiyim sübut vəsiqələrinin əldə əsas tutaraq Almaniyanın Tehran səfarəti vasitəsilə amerika səfarətinə məlumat verər və buradakıların məsuliyyətə alınmasına çalışarsınızə. Mən məktubu alıb qoynuma qoydum və Ninadan soruşdum: – Amerika konsulxanasındakı alman casusu kim ola bilər? – O bir amerikalı qızdır, özü də almandır. – Onu həbsə aldılarmı? – Xeyr! – Nə üçün? – Tehrana xəbər verildi. Amerika səfiri ilə razılaşdıqdan sonra qızı həbsə alacaqlar. – Məktubu haradan ələ keçirmişlər? – Hüdudu gizlincə keçən bir nəfər kürd tutulmuşdur. İstintaq nəticəsində onun bir nəfər osmanlı onbaşçısı olduğu meydana çıxmışdır. Məni fikir götürdü. Amerikalı qızın bu gecə, yaxud sabah həbsə alınaraq, Rusiyaya sürgün ediləcəyi şübhəsiz idi. Lakin iş bununla da qurtarmayacaq idi. Qız və onun xidmətçisi qadın həbsə alındıqdan sonra çar yandarması bizim də yaxamızdan tutacaq idi, çünki qıza məndən yaxın adam yox idi. Xüsusən fandarm idarəsi, xidmətçi qadını kiçik bir hədə ilə danışdırmağa müvəffəq olacaq və həqiqətin içinə girə biləcək idi. Bilmirəm, Hannanı müdafiə etməliyəmmi? Əcəba, mən hansı bir vicdanla alman casusuna kömək edə bilərəm? Biz cahangir dövlətlərə qarşı mübarizə apardığımız halda, «Almaniya hər şeydən ucadırə deyən casusun həyatını nə cür müdafiə edə bilərəm? Lakin digər tərəfdən də qızın bizə olan xidmətlərini nəzərə alaraq bu qızın çar )andarmasının əlinə verməyi müvafiq bilmirdim. Bunların hamısından sonra onun həbsə alınması məni və Ninanı da təhdid edirdi. Onu müdafiə etmək qərarına gəldim və müdafiə hazırlığını bitirdikdən sonra gecə saat 12-də onun qapısını vurub içəri girdim. O, hələ yatmamışdı. Oturub oxuyurdu, mənim belə gec vaxtda onun evinə gəldiyimdən təəccüb elədi. – Əcəba, günəş qərbdənmi doğmuş? – dedi. – Gecənin bu vaxtında sən hara, mənim evim hara? – Səni könlüm istədi! – Çox məmnunam! Amna sənə yeni bir söz deməliyəm! – Nə söz? – Mən özümə söz vermişəm ki, bir daha səninlə siyasi mübahisəyə girişməyim, çünki biz belə söhbətlərlə şəxsi həyatımızda ixtilaf törətmiş oluruq. – İxtilaf siyasi söhbətlərdən çıxmır, əksinə, ixtilaf şəxsi həyatda törəməkdədir. – Bizim şəxsi həyatımızda nə kimi ixtilaf törəmişdir? – Gözəl Hanna, səninlə mənim həyatım tamamilə ixtilaf və ziddiyyətdən, özü də düzəlməz, islahedilməz və aradan qalxması mümkün olmayan ziddiyyətdən ibarətdir. Bizim ideyalarımız arasındakı məsafə çox böyükdür. Aramızda uçurumlar vardır. Səndə mənim xoşladığım tək bir sifət varsa, o da gözəlliyindir, sənin məni sevməyindirl – Əcəba, bu kifayət deyildirmi? – Xeyr, kifayət deyildir! – Nə üçün? – Bu sevgi nəticəsiz, bar verməməyə məhkum, uğursuz bir sevgidir, çünki aramızda sənin bir alman casusu olduğun kimi keçilməz bir uçurum durur! – Əcəba, öz millətini sevən, onun şərəfini yüksəltməyə çalışan casusmu hesab olunur? – Casus işi görərsə, casus hesab oluna bilməzmi? – Bu adamın daşıdığı vəzifədirsə? – Mən əvvəlcə sənin bu çirkin vəzifədə işlədiyini bilsəydim, bəlkə də, səni bu yoldan qaytarardıml Çünki sən çox gəncsən, mən sənə Almaniya cahangirliyinin iç üzünü göstərər və səni bu vəzifədən iyrəndirərdim. Lakin sən hər şeydən qiymətli olan qızlıq namüsunu mənə etibar edərkən, qəlbində olan bu sirri və daşıdığın bu vəzifəni məndən gizlətdin! Qızın rəngi qızardı. Əllərini daraqlayaraq soruşdu: – Söylə görüm hansı vəzifəni deyirsən? – Sənin Almaniya cahangirliyi mənfəətinə işləyib və alman-türk ordusu ərkani-hərbi ilə əlaqə saxladığın casusluq deyildirmi? – Buna dair bir vəsiqəniz, yaxud bir sübutunuz yoxdur! Zənn edirəm ki, heç kəs də bunu mənə isbat edə bilməz! Mən onun gözlərinə baxdım, bu baxışlar acıqlı baxışlardı. O, son mərhələdə belə qəlbini məndən gizləyirdi. Əlimi qoltuq cibimə atınca, qız sanki bir şey hiss etdi və titrək nəzərlərini əlimdən çəkmək istədisə də bacarmadı. O, kənarda oturmuşdu, mən başıma hərəkət verərək: – Dur yaxın gəl! – dedim və kağızı açdım. O kağızın necə bir kağız olduğunu bilmirdim. Yanıma gəldikdən sonra mən kağızı ona göstərərək: – Bax gör, bu məktubu alman miralayı Fon Paxenə yazan sən deyilsənmi? Qız özünü itirdi, qorxusundan titrədi və tutqun bir səslə: – Mən yazmışam, – deyə etiraf etdi. - Mən məhv oldum. Sən bu məktubu haradan ələ keçirdin? Mən yenə də sakit və nəsihətedici bir surətdə: – Çox təəssüf edirəm ki, mənuzun, qiymətli vaxtlarımı bir alman casusu ilə keçirdim: alman casusu isə sənətində mahir olmadığı üçün öz sevdiyi adamın kim olduğunu bilmədi, – dedim. Qızın dodaqlarında və üzündə bir zərrə olsa qırmızılıq qalmamışdı. O mənə yalnız bircə sual verdi: – Məni həbsmi edəcəklər? – Edəcəklər! Sənin məktub aparan qasidin tutulmuşdu, məsələni bu gün Tehrana xəbər vermişlər. Amerika səfarətinin razılığı əldə edilərsə, səni bu gecə, yaxud sabah həbsə alacaqlar! Qızın başı stolun üzərinə düşdü və qarşısında oxuduğu kitabı əlləri ilə didməyə və şiddətlə ağlayaraq içini çəkməyə başladı. Mən orada çox otura bilməyəcəkdim. Onu həbsə almaq üçün indi, yaxud bir saat sonra konsul kazaklarının evi əhatə edəcəyi ehtimalı var idi. Buna görə də mən: – Ağlamağa lüzum yoxdu, – dedim. – Özünü ələ al! Belə vəzifələri öhdəsinə götürən bir qızın qəlbi də casus qəlbi olmalıdı! Qızın qara saçlarının hər telindən bir damcı tər düşürdü, o ümidsizliklə: – Artıq məhv oldum! - dedi. – Mən hər şeyi itirdim. Atamı, anamı, vətənimi və hər şeydən qiymətli olan sevgimi də – səni də itirdim. Ah, mən rus zabitlərinin əlinə düşməkdən nə qədər qorxuram, hələ bir casus sifətilə əsir düşmək, daha qorxulu və daha müdhişdir. Mən sözü uzatmağa imkan vermədim, çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. Qız yaşlı gözlərini mənə çevirərək yalvarmağa başladı: – Mən sənin iqtidarına inanıram, rica edirəm, mümkün isə mənim müdafiəmə çalış, mən sənə söz verirəm, artıq bu iyrənc yolu təqib etməyəcəyəm! Mən: – Sənin doğru yola qayıdıb-qayıtmayacağından danışmayacağam, qorxu qarşısında hər bir günahkarın tövbə etməsi təbiidir, – dedim, – mən yalnız səninlə dostcasına keçirdiyimiz saatların xatirinə, səni çar zabitlərinin əlində görməmək üçün son kərə bu təhlükədən qurtarmaq qərarına gəlmişəm. Bu söz üzərinə qız əyilib əlimi öpmək istərkən, əlimi çəkdim, o, başını yenə də mənim çiynimə söykədi, mən qalxdım: – Dur, – dedim, – oturmağa vaxt yoxdur, maşın küçədə səni gözləyir. – Mən hara getməliyəm? – Cəbhəyə buradan iki saatlıq yoldur. Şofer tanışımızdır. Səni ötürəcək adam da vardır. Lakin xidmətçi qadını da aparmalısan, cünki o burada qalırsa kiçik bir hədə ilə bütün sirri aça bilər. Qıymətli şeyləri götür, qapıları möhürlə, bəlkə, sən yenə də buraya qayıtdın. – Qiymətli şeyləri sən götürüb apar, mənsə, ancaq libaslarımı götürəcəyəm, hərgah Təbrizə qayıdarsam, şeyləri qaytararsınız. Qız qalxdı, xidmətçisi ixtiyar qadına da məsələni anlatdı. Yarım saat çəkmədən bütün şeyləri yığışdırdı. O, qapını bağlayıb dışarı çıxarkən ağladı və dodaqlarını mənə uzadaraq: – And olsun anamın canına, bu dodaqları sənin üçün saxlamışam, – dedi. Mən: – Mən də dodaqlarımın sevdiyim qızın dodağından ayrı dodağa dəyməyəcəyinə and içmişəm, - deyə əlini sıxaraq, onunla vidalaşdım. Maşın hərəkət etdi. Fənərin işığı Təbriz gecəsi dumanlarının içərisində qeyb olub gedərkən, mən də alman casusu ilə korladığım üçillik tanışlığın dumanlı səhifələrini qapadım. DÖRDÜNCÜ HİSSƏ * * * Təbriz 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu. Hərbi idarələr Təbrizin üzərinə ciddi nəzarət təyin etmişdilər. Səttar xan hərəkatında iştirak edən bir çox görkəmli adamlar təqib edilir və gizli yaşamağa məcbur olurdular. İrticanın görkəmli nümayəndələri çar-ingilis əks-kəşfiyyatçıları ətrafında toplanıb. Azərbaycan Demokrat Firqəsinin üzvlərini həbsə aldırmağa səy edirdilər. Xüsusən ingilis konsulxanası əks-kəşfiyyat dəstələrinin həqiqi qərargahına çevrilmişdir. Onlar yalnız Demokrat Firqəsi üzvlərini təqib etməklə kifayətlənməyərək, Səttar xan hərəkatından bu günə qədər inqilaba hüsn-rəğbət bəsləməkdə olan adamları da yerli İran hökuməti məmurlarının vasitəsilə həbsə aldırırdılar. Təbrizdə yalnız ingilis və çar konsulxanası tərəfindən yaranan irtica təşkilatları deyil, alman və osmanlı əks-kəşfiyyatı da ciddi surətdə işləyir və Cənubi Azərbaycanın hər tərəfində hörümçək kimi öz torunu hörürdü. Buna görə də çar-ingilis hərbi idarələri öz təzyiqini artırır və Təbrizdə bir çox hərbi qanunları həyata keçirirdilər. Səttar xan hərəkatında İstanbula qaçmış Mirzağa Bülluri və Hüseyn Fişəngçi kimi xainlər alman və osmanlı əks-kəşfiyyat idarələrinə satılıb, çar və ingilis siyasəti əleyhinə çalışır və Təbrizdə olan tərəfdarları ilə yazışırdılar. Bunlar yalnız irticaçılar və adamlar arasında deyil, Demokrat Firqəsi üzvləri arasında da özlərinə tərəfdar axtarırdılar? Onlar çar ordusunun arxasında qorxu yaratmaqda osmanlıların Kars və Sarıqamış tərəflərindəki ağır vəziyyətini yungülləşdirməyə çalışırdılar. Son günlər Ənvər paşanın Sarıqamışa hücum etmək üçün Əlehsan paşanın komandası altında bir ordu göndərməsi xəbəri ilə bərabər Mirzağa Bülluri və Hüseyn Fişəngçinin rəhbərliyi ilə Təbrizə bir osmanlı silahlı dəstəsinin gəlməsi şayiələri də vəziyyəti mürəkkəbləşdirmişdi. Elə həmin günlərdə osmanlı və alman əks-kəşfiyyatçıları avam camaatın arasında ittihadi-islam şüarlarını yayır və islam hökumətlərinin birləşəcəyi cmüidəsinib verirdilər. Bu qədər mürəkkəb bir vəziyyətin qarşısında Azərbaycan Demokrat Firqəsinin vəziyyəti gündən-günə çətinləşirdi. Firqə ingilis və çar kəşfiyyat dəstələrinin hərəkətinə qarşı çalışır və eyni zamanda osmanlı-alman münaqişəsini ifşa edirdi. Təbrizdə Mirzağa Büllurinin xain hərəkətinə qarşı ciddi bir nifrət oyanmışdı. Bir çoxları açıqdan-açığa yeridilən çar müstəmləkəçilik siyasətini osmanlı dərəbəyliyindən şərəfli bilir və xalqa bu macəraya qoşulmamağı tövsiyə edərək, əhalini osmanlı dərəbəyliyindən qaçmağa və rus mədəniyyətinə qoşulmağa çağırırdılar. Azərbaycan Demokrat Firqəsi belə bir çətin zamanda gizli iş üsuluna keçməklə Firqənin sağlamlığını mühafizə etməyə çalışırdı. O, Azərbaycan xalqının malik olduğu inqilabi ruhun sarsılmamasına çalışır və Səttar xanın vəsiyyətlərinə əməl edərək, Azərbaycan xalqının öz azadlığını öz qüvvəti ilə ala biləcəyi həqiqətini təbliğ edirdi. İngilislər Təbriz valisi Hacı Səməd xan Şücaüddövlə və onun müavini sərdar Rəşidə təzyiq göstərərək, Azərbaycan demokratlarının siyahısını hər cür olursa-olsun əldə etməyi tapşırırdılar, vali və onun müavini isə özlərinə mənsəb qazanmaq məqsədi ilə yüzlərcə təqsirsiz adamın siyahısını ingilis və çar konsulxanalarına verirdi. Azərbaycan şəhərlərində olan Demokrat Firqəsi komitələrinin vəziyyəti daha da qorxulu idi. Onlarla əlaqə saxlamaq işi gündəngünə çətinləşirdi. Xüsusən Türkiyə ilə həmsərhəd olan şəhərlərdə firqə çıxılmaz bir vəziyyətə düşmüşdü, çünki bu şəhərlərin hamısında ingilis konsulxanaları təşkil olunur və bunlar ingilis əks-kəşfiyyat dəstələrinin yuvasına çevrilirdi. Belə bir qarışıq zamanda Marağa və Ərdəbil tərəfindən çox pis xəbərlər gəlirdi. Bir tərəfdən təbriz valisi Hacı Səməd xanın adamları Marağa ətrafında olan kəndləri talan edir, o biri tərəfdən Hacı Səməd xanın müavini sərdar Rəşidin adamları Ərdəbil tərəflərini soyub talayırdılar. İndiyə qədər aclıq və qıtlıqla mübarizə təşkil edən Demokrat Firqəsi yoxsullara və aclara kömək edə bilmirdi. Taxıl ordu ehtiya- «ına alındığı üçün qıtlıq başlanmışdı, xəstəlik və aclıq hökm sürürdü. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlala olan ümidləri sönməmişdi, onlar yenə də yerli İran valiləri və eləcə də çar və ingilis dövlətləri üçün böyük bir qorxu təşkil edirdilər. İngilislər Azərbaycan Demokrat Firqəsi rəhbərlərini məhv etmək siyasətini yürütməklə bərabər, hər şeydən əvvəl, kütləni onların əlindən almağa çalışırdılar. Onlar kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək Səttar xan hərəkatı nəticəsində xeyli zəifləmiş olan mövhumat və bidətləri canlandırırdılar. İngilis müstəmləkəçilərinin tapşırığı ilə Hacı Səməd xan və onun müavini sərdar Rəşid mürtəce mollaları və mərsiyəxanları səfərbərliyə alıb məscidlərə təhkim edirdilər. Hacı Səməd xan və onun müavini inqilaba hüsn-rəğbət bəsləyənləri dar ağacına çəkməklə kifayətlənməyərək, gizli terror təşkilatı düzəltmişdilər. Bir gün Bağır xanın vaxtında xəzinədar olan Bala Tağını zirzəmidə boğdurub Məcidülmülk mağazalarının qarşısına atdırır, o biri gün Səttar xanın yaxın adamlarından Məşədi Abasqulu və sairlərin meyidləri Qarı körpüsü və Quruçay tərəflərində tapılırdı. Təbrizdə yayılan şayiələrə görə Tehranda alman-osmanlı dövlətləri ilə İran hökuməti arasında İranı Rusiya və İngiltərə əleyhinə müharibəyə qoşmaq üstündə alış-veriş gedirdi. Bu alış-veriş Cənubi Azərbaycanın vəziyyətini daha da ağırlaşdırırdı. İngilis və çar konsulluqları Təbriz valisi Hacı Səməd xanın qarşısında daha ciddi tələbat qoyur və onu fəaliyyətsizliklə töhmətləndirir, onun yerinə müavini olan sərdar Rəşidi vali təyin etmək üçün Tehran ilə danışıq aparırdılar. Buna görə də istər Hacı Səməd xan, istər onun yerinə namizəd olan vali müavini özlərini sadiq və çalışqan göstərmək üçün yeni qurbanlar tapır və Nizamüddövlə bağında olan zirzəmilərdə məhv etdirirdilər. * * * Culfaya doğru Culfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım. İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı: cƏbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçüoğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. Əbülhəsənbəy və ağa Əsəd çar konsulxanası himayəsində olduqları üçün hərbi idarələrin onlara hər barədə kömək göstərmələri rica olunurə. Mən Culfaya getmək üçün bu vəsiqələri alan kimi daha Təbrizdə dayanmadım. Heç bir kəsə bildirmədən getməyə hazırlaşdım, çünki casuslar Təbrizdən kənara çıxan və Təbrizə girən müsafirlərin hamısını təqib edir, nə üçün gəlib, nə üçün getdiklərini öyrənirdilər. Konsulxanadan əlimizdə vəsiqə olduğuna baxmayaraq, yenə də ehtiyatlı hərəkət etməli idik, çünki necə ki, konsulxana, elə də hərbi dairələr vəsiqə verdikləri adamları da yoxlayırdılar. Bunun üçün də Nina: – Sən bu cür işlərə qarışma, özün bilirsən ki, təhlükə bizim ətrafımızda gəzir, hərgah biz özümüz də təhlükəyə yaxın getməyə çalışsaq, onda axırımız necə olar? – dedikdə mən: – Bu səfərdə təhlükə bizi yaxalasa belə, yenə də bir nəfər qazanırıq, – dedim. – Mən tutulsam da, iki nəfər yoldaşı qurtara- «ağam. Nina cavab vermədi, çünki o, belə hadisələrlə məni qorxutmaq istəməzdi. AL! Culfaya getmək üçün danışdığım maşın səhər saat altıda yola düşəcəkdi. Nina ilə vidalaşıb maşın duran karvansaraya qədər faytonla getdim. Sərnişinlər oraya yığılmışdı, mən, bir də konsulun mənə tapşırdığı naməlum rus qızı yubanmışdıq. Mən gəldikdən sonra sərnişinlər artıq rus qızını gözləmək istəmir, hamısı bir ağızdan maşın sahibinə müraciət edərək deyirdi: – Sürün gedək, bu qədər adam bir rus matuşkasının məəttəlidir. Heç dəxli var? Bu sözlərə maşın sahibi cavab vermirdi, o, papirosunu çəkir və maşını təmizləyirdi. Mən də durub içində öz vəziyyətimə gülürdüm: bir dəfə də olsa mən bu yolu qadınsız getməmişdim. İndi düşünürdüm ki, bu qəribə sərgüzəştimi bir nəfər tanışa nağıl etsəm, yaxud bir kitab və yainki bir səyahətnamə şəklində yazsam, mənə güləcəklər və bu sərgüzəştlərimin uydurma olduğunu üzümə söyləyəcəklər. Eyni zamandə məni bu təsadüflər o qədər də düşündürmürdü, çünki 1909-cu illərdən başlayaraq, Culfa-Təbriz arasında o qədər qadın gedib-gəlirdi ki, hər bir müsafir bu cür qadınlara dəfələrlə təsadüf edə bilərdi. Lakin konsulun mənə tapşırdığı və «gözün üstündə olsun? – deyə təkrar etdiyi bu rus qızı nə Nina, nə də miss Hannaya bənzəməzdi., Bu qız mənim üzərimə təyin olunmuş bir casus ola bilərdi. Bunun üçün də bu son tanış olacağım qadın məni o qədər də maraqlandırmırdı. Danışıqlar və narazılıqlar davam edirdi: – Belə də biabırçılıq olar?1 – Bir matuşkadan ötrü yolumuzdan qaldıq... – Ana, əslinə baxsan bizi adam hesab eləmirlər. – Görünür ki, maşın sahibinin adamıdır. – Gəlsin görək sir-sifəti necədir? – Necə olacaq? Yüzlərcəsi necə, bu da onların birisi! Maşın sahibi danışıqların məzmununu az da olsa anlayırmış, buna görə də gülərək, mənə tərəf döndü: – Bilsələr ki, nə cürə qızdır, heç də yubanmağından narazı qalmazlar. Lakin onu da demək lazımdır ki, bu ağaların özlərindən şey alanda bir şahıdan keçməzlər. Amma deyirlər ki, «sür gedəkə.. Mən gərək bunların xatiri üçün on beş tümən puldan əl çəkim, – dedikdə mən: – Əhəmiyyət verməyin! Görünür ki, yubanan müsafir o qədər də adi bir müsafir deyil, onu cənab konsul da mənə tapşırmışdır. Nə olar, bir az gözləmək lazımdır, – deyib yenə də fikrə getdim. İndi də belə düşünürdüm: «Mənim tanışlarımdan əvvəla Mərənd poçt-teleqraf rəisi Müqimüddövlə, ikincisi Culfa poçt-teleqraf şöbəsi rəisi Şükrulla xan, Mirzə Hüseyn (Dəxil), Mirzə Mahmud xan (Qərə) və sairələri məni üçüncü bir qızla görəndə heç şübhə yoxdur ki, mənim bir qadın düşkünü olduğumu zənn edəcək və işimin Culfadan Təbrizə, Təbrizdən Culfaya qadın müsafirlərini istiqbal və müşayiət eləmək olduğunu deyib güləcəklərə. Hər halda mən özüm də müsafir qızı səbirsizliklə gözləyirdim, çünki özümə əmanət tapşırılan bu qızı heç vaxt görməmişdim. Rus qızı gəldi. Onun çamadanını bir nəfər rus soldatı götürmüşdü. İndiyə qədər qızı gözləmək istəməyən müsafirlərin hər biri qızı öz yanında oturtmağa çalışırdı, çünki rus qızı həm gənc, həm də gözəl idi. Maşın sahibi qızı tacirlər oturan sıra yerlərdə oturtmadı. Maşının girəcəyində olan iki adamlıq yerin birisini qıza verdi və sonra da mənə müraciətlə: – Zənn edirəm ki, bu yer çox rahatdır, siz də xanım qızla bərabər oturunuz, – dedi. Mən keçib oturdum. İranlı libasında deyildim, tacirlər məni müsəlman hesab etmirdi. Buna görə də mən qızın yanında oturduqda onlar cürbəcür ədəbsiz və cəmiyyətə layiq olmayan sözlər danışırdı. Maşın hərəkət etdi, hələ Acı körpüsünə çatmamış Əmir kanvarsarasının qarşısında yerləşən soldatlar bizim vəsiqələrimizi yoxladılar. Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. Mən yanımda oturan rus qızının vəsiqəsini ikinci göstərişdə öyrəndim. Qızın vəsiqəsi Təbriz çar konsulxanası tərəfindən verilmişdi, qızın adı və familiyası isə: Kseniya Pavlovna Bereinyova idi. Danışmırdıq, ancaq üç nəfər tacir ağzına gələni danışırdı. Onlar qızı və məni rus bildikləri üçün ədəb dairəsindən kənar bir çox söhbətlər aralığa atırdılar. Qadınların şəxsiyyətinə və şəhvətə dair sözləri isə bəzən farsca danışır və gülüşürdülər. Ara-sıra eşitdirmək üçün ikinci Nikolayı tərifləyir və onun rəiyyətpərvər bir padşah olduğundan dəm vururdular. Maşında gedənlərin hamısı bir-birini çar agenti hesab edirdi. Siyasi və iqtisadi söhbətlərin hamısı ağızdan ölçülüb, biçilib çıxarılırdı. Şose yolu idarəsi qarşısında vəsiqələrə bir daha baxdılar. Rus qızı vəsiqəsini göstərib redikülünə qoyduqda gülərək: – Vəsiqələrə o qədər çox baxırlar ki, adam az qalır onları başına və yainki döşünə taxsın, – dedikdə mən: – Qaydası belədir, – dedim. – Madam ki, olduğumuz yer düşmən məmləkətlərə yaxındır, o zaman hərbi dairələrin gəlib-gedənlərə diqqət verməsi lazımdır. Sofiyan kəndinə qədər heç bir söz danışmadıq. Qıza göz qoymuşdum, o, danışmaq istəyirdi, hövsələsi darıxırdı, bu uzun yolu getmək üçün məşğuliyyət axtarırdı, bu da ki, mümkün deyildi, danışmaq üçün özünə və başqalarına zərər verməyən müəyyən mövzu axtarmaq lazım idi. Qız artıq sakit dura bilmirdi. O da görünür ki, məni danışdırmaq və kim olduğumu öyrənmək istəyirdi, Bir kərə: – Saatınız neçədir? – dedi. Mən də: – Saat səkkizin tamamına beş dəqiqə qalmışdır, – dedim, məsələ bununla bitdi. Bir saat daha yol getdik. Nəhayət, o, geniş söhbət üçün başqa bir mövzu tapdı, soruşdu: – Siz Təbrizdən həmişəlikmi gedirsiniz? – Xeyr, – dedim, – həmişəlik getmirəm, bir neçə gündən sonra yenə də qayıdacağam. – Uzunmu çəkəcəkdir? – İşimin düzəlməsinə baxır. İşim düzələrsə, üç gündən sonra qayıda bilərəm. Hər halda peyğəmbərlik etmək yaxşı deyil, – Tacirsinizmi? – Adlı-sanlı tacir deyiləm. Az bir ticarətim vardır, baş dolandırmaq və möhtac olmamaq üçün. – Ticarətiniz nədir? – Ticarətim cavahir, daş-qaş satmaqdır. İndisə bu mümkün deyil, çünki Avropa ilə əlaqəmiz yoxdur. Yaxşı daşları Fransadan, İtaliya və Hollandiyadan alırdıq. Müharibə olduğu üçün də bu yerlərlə əlaqə saxlamaq mümkün deyil, hələlik Culfada müxtəsər bir alacaölm var, onun üçün gedirəm. Qız bir az düşündükdən sonra: – Dünyada yaşamaq üçün cavahirfüruş olmaq, insanların birindən o birisinə fərq qoymağı öyrənmək lazımdır, – dedi. – Təəssüf olsun ki, bu da hər kəs, xüsusən uşaqlıqdan gəncliyə təzə-təzə ayaq qoyan adamlar üçün heç də mümkün deyildir. Mən qızın qəlbində müəyyən şəkil verə bilmədiyi bir sirrin olduğunu dərhal hiss etdim. Cavahir mövzusunun üzərində dayanmaq istədim və kədərli bir halda: – Ah, gənc xanım, - dedim, - bir daşın qəlbində gizlənən brilyantı zərrəbin vasitəsilə görmək çox asandır, lakin insanın qəlbindəkiləri öyrənmək üçün hazırkı elmlər və fənlər kifayət deyildir. Həm də insan bir daş deyil ki, qiymətli daşlarla müqayisə edilsin. Biz insanlar bir-birimizi öyrənə-öyrənə qocalırıq, yalnız biz deyil, filosoflar belə təbiətin bu mürəkkəb məhsulunu öyrənmək işində savadsız bir məktəb tələbəsi kimi durub gözlərini döyür. Hazırda şəxsən mənim özüm həyatda bədbinliyə düşməmək üçün bir vasitə axtarıram. Hələlik başqasını öyrənməkdən qabaq özümü öyrənirəm. Mənə belə gəlir ki, mən nəyəmsə, başqası da az və ya çox bir fərqlə ondan ibarətdir. Doğrudur, insanlar bir-birinə oxşamırlar, onlar bizim nəzərimizdə xasiyyət cəhətincə də fərqli görünürlər, lakin onların xasiyyətində ümumilik çoxdur. Yalnız adamlar deyil, kainatda gördüyümüz şeylərin hamısı belədir. Onların növü və cinsi zahirdə fərqli görünür, onlar zahiri görünüşləri etibarı ilə o qədər çoxdur ki, saymaqla bitmir, hətta bizim düşüncəmiz də bəzən onları əhatə etməkdən aciz qalır. Təbiətin yaratdıqları hər bir şey qarmaqarışıqdır. Səthi bir nəzərlə baxanda təbiətin yaratdıqlarında ahəng və intizam da yoxdur, lakin təbiətin bu qədər qarmaqarışıq hadisələrini bir elm əsasında tərtibə saldıqda və onları təbəqələrə ayırdıqda görürük ki, bu qədər qarmaqarışıq şeylərdə ümumi və təbii bir münasibət vardır. Gözəl qız, insanlar da belədir, onlarda da bir-birinə ümumi və təbii bir münasibət vardır. Buna görə də mən əvvəlcə özümü öyrənməyi qərara almışam. İnsanlara qarşı munasibətimi, dünyaya baxışımı, özümün nə kimi bir qabiliyyətə malik olduğumu öyrənirəm. Qız mənə çox diqqətlə qulaq asırdı. Məndən razı qalmışdı. Hətta bir neçə kərə əlimi sıxaraq: – Rica edirəm, söhbətinizə davam edin! – dedi. Zatən mən özüm də başladığım bu mövzudan razı idim, çünki burada nə siyasət vardı, nə də günün hadisələrindən danışırdıq. Sofiyandan Mərənd şəhərinə qədər rus qızının başını çürük təbiət fəlsəfələri ilə qarışdırmışdım və zənn edirdim ki, söhbətimiz bununla da bitəcəkdir. Maşınımız Mərənd şəhərində dayanmayacaq idi, buna görə də köhnə dostumuz və Mərənd poçt-teleqraf rəisi Əhməd xan Mütimüddövlənin ziyarət edə bilməyəcəkdim. Zatən Mərənd şəhərində düşüb gecələmək də lazım deyildi. Əvvələn, tez idi, Culfaya gedə bilərdik, ikinci də, Mərənd Andranik paşanın könüllü ordu nəfərləri ilə dolmuşdu: şəhər cəbhə yaxınlığındakı bir yerə oxşayırdı. Könüllü ordu burada toplanıb Xoy şəhərinə göndərilirdi. Maşınımız Mərənd şəhərini keçdikdə rus qızı: – Mən indi bu yolun tez bitməsini istəmirəm, – dedi. – Nə üçün? Yol sizin üçün maraqlıdırmı? – deyə soruşdum. – Yox, yol getmək o qədər də maraqlı deyildir. Təbriz ilə Culfa arasında gözəl bir təbiət də yoxdur: yaşıl dağlar, çəmənlər, meşələr, axar çaylar da gözə görünmür, lakin buna baxmayaraq, sizin söhbətinizlə maraqlanıram: yolumuz uzun olsaydı, sizi həvəslə dinlərdim. – Mənim söhbətlərim o qədər də maraq oyandırıcı deyil, – dedim. Siz əmin olun ki, mən bir adamı olduğundan yuxarı qaldırmağı sevmərəm, riyakar və yaltaq da deyiləm. – Mən xanım qızın haqqında bu cürə düşünmürəm. – Ona əminəm! Lakin onu da bilməlisiniz ki, bəlkə də, sizin söhbətləriniz başqa bir qıza xoş gəlməz. Burası təbiidir, hər kəsin mədəsi hər qidanı həzm etmir. Qəzetlər, məcmuələr, roman və hekayələr də belədir. Orada hər kəs vərəqləyib öz istədiyini tapar. Bəzən heç bir ədəbi qiyməti olmayan əsərlərin də maraqlısı tapılır. Sizin söhbətlərinizə gəldikdə onlar mənim səviyyəm və zövqüm üçün olduqca müvafiqdir. Hərgah mən meydana atdığınız fikri sizin qədər müəyyən qəlibə salıb söhbət etməyi bacarsaydım, bəlkə də, sizdən əvvəl mən söhbətə başlardım. çünki mənim özüm də insanları tanımaq işində bir filosof və bir təbiətçi kimi avarayam. – Mənim böyük səhvlərimdən birisi, hansı söhbəti kimin yanında danışmağı bacarmadığımdan ibarətdir, çünki insan danışdıqda kimin üçün danışdığını bilməlidir. Sizin mənim söhbətlərimi təqdir etməniz təsadüfi bir hadisə ola bilər. – Mən sizin icazənizlə demək istəyirəm ki, bu fikrinizə şərik ola bilməyəcəyəm! – Nə üçün? – Hərgah insan hər kəsin zövq və marağını öyrənib söz danışarsa, onun şəxsi ideyası, öz şəxsi düşüncəsi harada qalar?) Sizin fikrinizcə, bir müəllim, əvvəlcə tələbənin maraq və zövqünü öyrənməli, sonra da ona müvafiq dərs verməlidir? Hərgah belə olarsa, ictimai tərbiyə və təhsil məsələsi nə olar? Qız məni çıxılmaz bir döngəyə salıb döyəcləyirdi. Mən indi hiss edirdim ki, rus qızı indiyə qədər rast gəldiyim qızlardan deyil: indi bildim ki, mənim təbiət fəlsəfəsinə və insanların mahiyyətinə dair söhbətlərim tamamilə sadə bir boşboğazlıqdan ibarət imiş. Buna görə də düşünür və səhvlərimi düzəltmək üçün mövzu arayırdım. Lakin əvvəlcə danışdıqlarımı bir həqiqət olaraq isbata çalışmaqdan başqa çarə görə bilmədim və ona belə bir sual verdim: – Siz bədii ədəbiyyat haqqındakı tənqidi məqalələri oxuyursunuzmu? – Bəzən oxuyuram, onsuz olmaz ki... – Tənqidlərdə yazıçıya verilən göstərişlərdən birisi yazıçının öz əsərini kütlə üçün yazmasından ibarətdir. Buna görə də hər kəs danışdığı zaman öz dinləyicilərini nəzərə almalıdır. – Əvvələn, bunu demək istəyirəm ki, yazıçılıq bir həqiqət olduğu kimi, eyni zamanda bir bədii xəstəlikdir də. Hərgah bir yazıçını kütlə oxumasa belə, o yenə də yazar. Ancaq yazıçı üçün bir şey lazımdır: o, ilhamını və mövzusunu içərisində yaşadığı xalqın həyatından almalıdır. Lakin mövzunu oradan almaqla bərabər, ona öz boya və düşüncəsinin bədii libasını da taxmalı, onu öz fikri kimi meydana gətirməlidir. Sizin mənə söhbət etdiyiniz fikirlər də bunun kimidir. O cür fikirləri bir çox kitablarda görmək olar, bir çoxlarının dilindən də eşitmək mümkündür. Lakin siz ona qabiliyyət və istedadınızın boyasını verdikdə o fikri gözəlləşdirdiniz: onu mənim şüuruma yetirmək üçün yol tapa bildiniz. Başınızı ağrıtmaq istəmirəm: ət həmin ətdir, ancaq iş aşpazın sənətindədir: həmin əti hər aşpaz öz səliqəsincə bişirib xalqın qabağına qoyur. Buna görə də sənət onun özünündür. Fikir onun öz fikridir, kütlədənmi, hər kəsdənmi alınmış olsa belə, onun özünə məxsusdur. İndi də mən kimliyi və nəliyi məlum olmayan bu rus qızı ila maraqlanırdım. Onu danışdırmaq, söhbətindən həzz almaq üçün mövzu arayırdım. İndi hiss edirdim ki, qadın öz gözəlliyi ilə nə qədər sevimlidirsə, elmli və şirin söhbətli olması ilə də o qədər gözəl və sevimlidir. Mən həmin bu rus qızı ilə olan bir neçə saatlıq söhbətimdən belə bir nəticə çıxardım: Gözəllik yalnız gözəl olmaqla tamamlanmır. Gözəl qadın bir şeir sənəti kimi incədir və onun mütləq şeir bilməsi lazımdır, çünki gözəlliklə şeir heç bir zaman ayri-ayrı yaşaya bilməz. Əsl məziyyət gözəlliklə şeirin birləşməsindədir. Kim bilir, bəlkə, gözəlliklə şeirin hər ikisi bir mənada imiş? Mən bu fikirlərin təsirində olaraq rus qızına belə bir sual verdim: – Siz ədəbi əsərlərin hansı növünü daha çox sevirsiniz? Rus qızı başını qaldırıb üzümə baxdı və: – Söhbətlərin mövzusu da göstərir ki, bizim hər ikimiz iyirminci əsrdə yaşayan bir adamın adını daşımaq şərəfini doğrulda bilərik. Lakin böyük bir nöqsan buraxmışıq, o da bundan ibarətdir ki, söhbətlərin dərinliyinə cummazdan əvvəl tanış olmağımız lazım idi. İndi mən şeir barəsində danışmaqdan əvvəl tanış olmağı təklif edirəm. Mən əlimi ona uzadaraq: – Əbülhəsənbəy, dedikdə o da: – Ksenya Pavlovna, – deyərək əlimi sıxdı və əlavə etdi: – Möhtərəm cənabın adı da göstərir ki, rus deyilsiniz, iranlısınız. – Bəli, mən rus deyiləm! – dedim. – Gözəl xanımın xoşuna gəlməsə də iranlı olduğumu söyləməyə məcburam. – İranlı olmaq, həm də mədəni olmaq sizin üçün böyük bir şərəfdir. Bu barədə də sonra danışarıq. İndi buyurun görüm, Culfada harada qalacaqsınız? – İndidən təyin etmək mümkün deyildir, hər halda mehmanxanaların birində mənzil edə bilərik. – Bəlkə də, bir mehmanxanaya düşdük. Ola bilər ki, qayıdanda da birlikdə qayıdaq. – Siz yenə də Təbrizəmi qayıdacaqsınız? – Qayıtmaq istəməzdim, lakin məcburiyyət vardır. Mən bu qızın məcburiyyəti haqqında söhbət açmadım, onun əvvəlki sözləri də ona bədbəxt bir hadisə üz verdiyini göstərirdi, ancaq onun bir mehmanxanada mənzil etmək arzusunu rədd etməyərək: – Eybi nədir, hərgah sizin üçün bu xoşdursa, mümkündür, – dedim. Söhbətimiz burada bitdi. Maşınımız Dərədiz burnundan çıxıb şimala doğru sürətlə gedirdi. Şiddətli və soyuq şimal küləkləri «ulfaya yaxınlaşdığımızı xəbər verir və külək ağızdan çıxan kəlmələri qapıb cənubun nəhayətsiz fəzasına tullayırdı. Danışmaq mümkün deyildi. Culfanın damları uzaqdan qum üzərinə atılmş kibrit qabları kimi görünürdü, mən barmağımı şimala doğru tutub rus qızına dedim: – Çatdıq, qumun üzərinə sərilmiş ağ şərid kimi parıldayan Araz çayıdır, biz artıq Culfadayıq. * * * Axşam idi, Culfanın sərin küləkləri başlamışdı. Cənub-şərqdən Kəmtal, şimaldan isə Ələncə dağlarından qopan küləklər Culfa qumlarını qaldırıb damların başına səpirdi. Mən hələlik dışarı çıxmaq istəmirdim. Ağa Məhəmməd Hüseyn Hacıyev və Ələkbər yoldaşdan xəbər tutmaq üçün gecənin qaranlığını gözləyirdim. Üstümün tozunu təmizlədim, libasımı dəyişdim. Bir neçə saatdan sonra yemək salonuna çıxdım. Qaranlıq düşmüşdü, «Fransa» otelinin restoran həyatı başlanmışdı. İrandan gələn və İrana gedənlər damaqlanmaq üçün bu restoranda bir yerə yığılmışdı. Xidmətçini göndərdim, rus qızını da yemək üçün çağırdılar, çünki onun özü bir yerdə yemək yeməyimizi arzu etmişdi. Nahar yeməyimiz axşam saat 10-da bitdi. Rus qızı yeməkdən sonra: – Yəqin ki, siz dincəlmək istəyirsiniz? – dedi. – Xeyr, hərgah siz dincəlmək istəyirsinizsə, mane deyiləm. – Yox, mən də dincəlmək istəmirəm, saat on birdə Tiflisdən qatar gələcəkdir, mən adam gözləyirəm, istiqbal etməliyəm. – Mənim də bəzi tanışlarım vardır, onları görmək lazımdır. Demək ki, saat on ikidə, bəlkə də, bir az gec və ya tez burada görüşərik. Rus qızı ilə sözləşib ayrıldıq. O, faytona oturub vağzala getdi, mən də Qriqor ağa ilə bərabər €Fransa» otelindən çıxıb İstiqraz bankının meydanına tərəf söhbət edə-edə gedirdik. Araz çayı kənarında sıra ilə qurulmuş soldat çadırları Misirin Nil çayı kənarındakı ehramlarını, İstiqraz bankının qabağındakı kilsənin qülləsi isə Əbülhövlün başını xatırladırdı. Külək nə qədər şiddətlə əsir əssin, yenə də Culfada yerləşmiş çar ordusunun C€Allah, çarı salamat elələ səslərinə qalib gələ bilmirdi. Araz çayı körpüsündən İrana keçən ağır topların gurultusu göy gurultusu qədər dəhşətli və titrədici idi. Qriqor ağa: – Culfa sizin 9-cu ildə gördüyünüz Culfa deyildir, – dedi. – Bura indi müharibə arxası yox, cəbhə həyatı vəziyyətindədir. Doğrudan da, küçələrdə ancaq qoşun dəstələri, toplar, səyyar mətbəx və nəqliyyat vasitələri görünürdü. €Fransa» otelində də böyük bir qələbəlik var idi. Hər tərəfdə zabit, hər tərəfdə tanış olmayan adamlar görmək olurdu. Qriqor ağa öz mehmanxanasının vəziyyətindən danışdığı zaman: – Qəribə bir zamandır, – dedi. – İran məsələlərindən istifadə edənlər, öz şəxsi mənafelərinə ümumi mənafenin boyasını verənlər, bütün qara fikirlilər, cib kəsən və qulaq kəsənlər hazırda Culfadadır, bu saat əgər birisi mənim mehmanxanamı partlatsa, onlarca casus və vətən xainini məhv etmiş olar. Biz Qriqor ağa ilə danışa-danışa xAvropap mehmanxanasının dalından keçib, gözə görünməmək üçün evlərin arxası ilə Məhəmmədhüseyn Hacıyevin evinə getmək istəyirdik. Nikonun mehmanxanasından yoğun gövdəli və ucaboylu bir adam çıxıb bizə yaxın— laşdı və: – Qayıdın mehmanxanaya, danışmalı sözüm vardır, – dedi. Bu adam fandarm onbaşısı məşhur Xramtsov idi. O, başqa bir yoldan, biz isə başqa bir yoldan mehmanxanaya qayıtdıq. Xramtsov gəldi. Qriqor ağanın mənzilinə girən kimi diqqətlə baxaraq məni tanıdı və: – 9-cu ildə tanış olmuşuq, – deyib əlimi sıxdı, bir papiros yandırıb çəkdi və sonra da Qriqor ağaya müraciətlə: – Bugünkü xəbəri on manata verməyəcəyəm, – dedikdə Qriqor ağa: – Sən də bahalıq salma görək başımıza nə gəlir, – dedi. Mən söhbətə müdaxilə edərək: – Bir şey də mən qoyaram üstünə, - deyib bir dənə rus 25 manatlığı ovcuna basdım. Xramtsov pulun çoxluğunu görüb şübhələndi və o tərəf-bu tərəfinə baxıb: – Qəlp pul deyil ki? – dedi. – Bu cür sözlər ayıb deyilmi? Mən cənab Xramtsova qarşı bu cür hörmətsizliyi rəva görərəmmi? Jandarm pulu cibinə qoyub: – Dünən gecə vağzalda Molla Həsən Mahmudov köpək oğlu on manat veribdir, səhər baxıb görmüşük ki, qəlp puldur. Qriqor ağanın səbri tükəndi və tez soruşdu: – De görüm nə xəbər vardır? Xramtsov isə cavabında: – Zəhmət olmasa 10 manatı çıxar, sonra xəbər verim, – dedi və sakit oldu. Nəhayət, Qriqor ağa 10 manat çıxarıb verdikdə Xramtsov bir əmrnamə çıxarıb oxudu. Əmrnamədə Ağa Məhəmmədhüseyn Hacıyevin, Səfərovun mehmanxanasında gizlənmiş Ələkbər Hüseynovun həbsə alınması yazılmışdır. Xramtsov əmrnaməni cibinə qoyub: – Bu gecə işinizi görməlisiniz, çünki mən səhər tezdən Pandarm polkovniki Ştraubeyə onların Culfada olmadıqlarına dair raport verməliyəm. Bildiniz ki?1 Xramtsov bunu deyib getdi. Biz Qriqor ağa ilə bir-birimizin üzünə baxdıq. – Tez adam göndər Arseni bura çağırsınlar! – dedim, lakin səbrim-aramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi. Öz-özümə: €Nə yaxşı ki, yubanmadım, bir gün təxirlə gəlmiş olsaydım, bizə həmişəlik bir bədbəxtlik üz verəcəkdiə – deyib otaqda dolanırdım. Arsen gəldi, görüşüb öpüşdük, heç bir müqəddimə başlamadan məsələni ona danışdım. Arsen tərəddüdsüz olaraq ayağa qalxdı və: – Bu saat arabaçı Avetis ağanı çağırım, – deyərək getdi. Bir saat da gözlədik, gecə saat on ikidə Avetis ağa gəldi. Ələkbər və Ağa Məhəmmədhüseyn Hacıyev yoldaşı İrana keçirmək üçün danışıb razılaşdıq. Gecə saat birdə oturub gözləyirdim. Avetis ağa qayıdıb Ağa Məhəmmədhüseynin xəz içərisində, Ələkbər yoldaşın isə arabaçı adı ilə Araz körpüsündən sağ və salamat İrana keçdiyini söylədi. Hər şeydən əmin olduq. Ağa Məhəmmədhüseyn İran poçt-teleqraf rəisinin faytonu ilə Ələmdar şəhərinə, Ələkbər yoldaş isə Təbrizdən Tütünçüoğlu adına gətirdiyim vəsiqə ilə Təbrizə gedəcəkdi. Gecə saat ikinin yarısında işlərimizi qurtardıq. Rus qızının kiçik məktubunu verdilər. Orada yazılmışdı: «Mənim gözlədiyim adamlar gəlmədi, işinizi qurtardıqdan sonra məni səsləyin. Ksenya. Yemək üçün kiçik salona girdik, şam süfrəsi hazır idi, Ksenya Pavlovna çox qəmgin bir vəziyyətdə gəldi. Əvvələ o, uzun bir yolu maşınla gəldiyindən yorulmuşdu, dincəlməmişdi, ikincisi də, onun öz yazdığına görə Rusiyadan gözlədiyi adamlar gəlib çıxmamışdı. Lakin çox təmiz və vüqarlı bir surətdə geyinmiş, saçlarını düzəltmiş və ətirlənmişdi. O, yemək vaxtında: – Bəli, mənim gözlədiklərim gəlib çıxmadı. Müvəffəq ola bilmədim, sizin işləriniz nə yoldadır? – soruşdu. – Mən də bəzi tanışlarla görüşdüm. – Sabah qayıtmayacaqsınız ki? – Xeyr! Hələ bir-iki gün burada qalmaq lazım gələcəkdir. Bu sözdən rus qızı sevinərək: – Yaxşı oldu, bəlkə, iki günə qədər bizimkilər də gəlib çıxdı, – dedi. Doğrusu, mən bu səmimi və tərbiyəli qızın bir çar agenti olması və məni təqib etməsi şübhələrinə o qədər də əhəmiyyət vermirdim. Bu mənim tərəfimdən ehtiyatsızlıq olsa da, qıza inanırdım, nə qədər çalışsam da, çar agentinə və casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. Onun insana qarşı bəşəri münasibəti, həyata qarşı nəzəriyyəsi, dünyaya baxışı, bir ədib, bir şair kimi tərz-hərəkəti, özünün şübhəli bir adam olmadığını göstərirdi. O, iyirmi iki yaşlarında bir qız idi. Lakin dünyanın uzun illərini yaşamış, hadisələr içərisindən süzülüb çıxmış, həyatın müsbət və mənfi cəhətlərinin bütün təcrübəsini keçmiş bir adam kimi nəzərimdə canlanırdı. Qız mənim fikirləşdiyimi və dərin sükutumu görərkən başını qaldırıb mənə düşüncəli bir nəzər atdı və gülümsünərək: – Dərdlərinizi mənimlə bölüşdürməməyə haqlısınız, çünki məndə bir müvəffəqiyyətsiz adama müvəffəqiyyət qazandırmaq imkanı yoxdur, – dedi. – Dərdli və çıxılmaz vəziyyətə düşən adamların bir çoxu özündən başqa hamını xoşbəxt hesab edir, lakin mən belə deyiləm. Sizin də ağır bir fikir altında əzildiyinizi hiss edirəm. Mən onun şübhələrini dağıtmaq üçün: – Heç bir fikrim yoxdur, xanım qızın mənim çöhrəmdə gördüyü dalğınlıq fikirdən deyil, uzun yolun yorğunluğundandır, – dedim. O güldü: – Fikir yorğunluğu bütün yorğunluqlardan əzici və ağırdır, – dedi. Mən onu danışmağa məcbur etmirdim, çünki onun yeməyinə mane olurdum, onsuz da gözəl qız iştahası olmayan adamlar kimi əlində çəngəl qurdalanırdı. Qriqor ağa və onun xanımının salona gələrək bizim yanımızda oturmaları qızın qəlbindəkiləri öyrənməyimə mane olurdu. Biz gecə saat dördə qədər oturduq. Kiçik salonda bizdən başqa yenə də bəzi ailəli adam və çar zabitləri, bank direktoru, gömrükxana işçiləri var idi, Restoran həyatı başlanmışdı, lakin bura sərxoşluq və ədəbsizlik edənlər buraxılmadığı üçün restorandakılar özlərini çox rahat hiss edirdilər. Saat dörddə mən qıza müraciətlə: – Dincəlmək istəmirsinizmi? – dedim. O, başını qaldırıb üzümə baxdı və: – Siz dincəlmək istəyirsinizsə, mən də istərəm, – dedi. Bununla da biz qalxıb getdik. Mən onu otağına yola salanda: – Səhər çayını birlikdə içəcəyik, – dedi. Mən ona sual verdim: – Saat neçədə? – Saat 11-də yuxudan qalxa bilərsinizmi? – Mümkündür! – dedikdə, o, əlimi sıxdı və əlində saxlayaraq: – Sizinlə uzun-uzadı danışmaq lazım gələcəkdir. Siz bilirsiniz ki, Təbrizdə dərdə şərik olan bir cəmiyyət yoxdur. Onu da biz düzəldərik, – deyərək xudahafiz etdi və qapının daldan bağlandığını eşitdim. * * * Sahibsiz ailə Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi: – Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir. Mən öz taleyimə güldüm, öz qəlbimdə: «Nə üçün bu cür qadınlar mənə təsadüf edir? – dedim və Qriqor ağaya sual verdim: – O qız bu gün bir yerə getmişdimi? -— Məncə, heç bir yerə getməmişdir. İşi sizi soruşmaq və otağına qayıtmaq olmuşdur. – Onun yanına başqaları gəlmişdimi? – Heç bir kəs gəlməmişdir. Qriqor ağa ilə söhbətimiz burada bitdi. Otağı açdırıb içəri girdim, bir qədər düşündüm, əvvəlcə qızdan xəbərsiz çamadanı götürüb yola düşməyi, heç olmasa başqa bir yerə köçməyi qərara alaraq, bu şübhəli qızın gözündən uzaqlaşmaq istədim. Sonra da Qriqor ağa dediyi kimi. onun köməksiz və ehtiyac altında özünü şaşıran bir qız olduğunu zənn edərək, öz-özümə: €Yox, – dedim, – hərəkəti də bir casus olduğunu göstərmir. Nə isə onun varlığında bir bədbəxtlik gizlənmişdirə. Bu fikirlər məni əvvəlki qərarımdan qaytardı. Zəngi basıb xidmətçini çağırdım, nahar yeməyinin öz otağımda hazırlanmasını tapşırdım, sonra da qıza kiçik bir məktub göndərdim: «Əziz dostum! Mehmanxana sahibi məni soruşduğunuzu xəbər verdi. Sizdən nigaran qaldım. Bu gün bir az işim olduğuna binaən mehmanxanaya çox təxirlə qayıtdım. Məni bağışlayın. Qriqor ağa indiyə qədər nahar yemədiyinizi xəbər verdi, buna görə də nahar yeməyini öz otağımda hazır etdirmişəm. Sizi də gözləyirəm. Əbülhəsənə. Məktubu xidmətçi ilə göndərdim. On beş dəqiqə çəkmədən rus qızı şad bir üzlə gəldi, onun bütün hərəkəti qiymətli bir itkisini təzədən əldə edən bir adamı nişan verirdi. O öz titrək əlləri ilə mənim əlimi sıxaraq dedi: – Mən sizdən tamamilə ümidimi kəsmişdim, elə düşünürdüm ki, siz məni burada yalqız buraxıb getdiniz. – O düşüncələr sizi məndən küsdürmədimi? – Ona səlahiyyətli deyildim, lakin bir-birimizi lazımınca tanımadan, vidalaşmadan ayrılmağımıza təəssüf edirdim. – Əcəba, siz Təbrizdən Culfaya qədər və burada etdiyimiz uzun söhbətlər nəticəsində mənim qadınlara nə qədər hörmət bəslədiyimi öyrənmədinizmi? – Bundan sonra mən adamları öyrənməyə çalışmayacağam. Bu tövsiyəni sizdən aldım. Mən uşaqlıqdan bəri öyrənmək istədiyim və öyrəndiyimi zənn etdiyim bir adam haqqında savadsızlığımı ancaq bir həftə bundan əvvəl anladım. Siz deyən kimi, insan əvvəlcə özünü öyrənməlidir. Gözəl qızın bu cümləsində məsələ qismən aydınlaşırdı. O, sevgisindən məhrum olan bir qız kimi danışdı. Mən onun kədərini söndürmək və onu məşğul etmək üçün mövzunu dəyişdirdim və ona sual verdim: – Hazırda özünüzü öyrənirsinizmi? – Yox, öyrənə bilmirəm. Dərs oxumaq, xüsusən həyat dərsini keçmək üçün bir ürək şadlığı da lazımdır. – Öyrənin! Lakin insan bir məqsəd üçün öz-özünü öyrənməlidir. Bu öyrənişdə isə insan, hər şeydən əvvəl, həyat yolunda tikanlar əkən səhvlərin buraxılmamasına çalışmalı, səadətverici vasitələri düzgün təyin etməlidir. Bir çox təsadüflərdə sevgi insanın gözündə və şüurunda korluq və düşünməməzlik yaradır. Xüsusən gözəllik elə bir şeydir ki, insanı öyrənmək işinə əngəl törədir. Onu parçalayıb insan qəlbinə girmək olmur. İnsan özünü öyrəndiyi zaman bu cəhətlərə də diqqət verməlidir. Sevgi elə bir şeydir ki, o, istiqbal sevməz, o bir saat bundan sonranı düşünməz. Sevgi bir ailənin tarixi şərəfini bir anda məhv edə bilər. O, hər şeyi bacarar, o, bir cəllad kimi insanı başqasının əli ilə yox, öz əli ilə də öldürə bilər. Buna görə də gözəl qız özünü öyrəndiyi zaman, hər şeydən əvvəl, öz sevgi hisləri ilə tanış olmalıdır. Mənim gözəl dostum hərgah burada bir səhv buraxmışsa, onu bir daha təkrar etməməlidir. Öz dediyinizə görə iyirmi iki yaşınız vardır. Hələ gec deyildir. Bu sözlərimdən qızın qəlbinin yarası deşildi, gözlərinin bulaqları yavaş-yavaş damcılamağa başladı, o, şiddətlə ağladı, titrək bir səslə: – Siz dediyiniz mənəm! - dedi. – Mənim gözüm və şüurum kordur. Gözəllik mənim insanı öyrənmək işindəki təlaşlarıma ümidsizliklə nəhayət verdi. Mən öyrənmək istədiyim gözəl bir gəncin qəlbinə girə bilmədim. O ağlayırdı, mən isə onun saçlarını sığallayıb sakit etməyə çalışırdım. – Ağlamağa lüzum yoxdur. Bizim hamımız beləyik. Dostluğumuz davam edərsə, bu barədə uzun-uzadı danışarıq. Nə bilirsiniz, bəlkə, sizin qarşınızda duran Əbülhəsənbəy də eyni vəziyyətdədir? Əziz dostum, həyat acı toxumlu şirin meyvələrə bənzəyir. Zəhəri bilərəkdən və bilməyərəkdən içənlər də vardır. Həyatı ölümlə dəyişmək istəyən milyonlarla həvəskar tapa bilərsiniz. Dünyada çırkinliyi üçün bədbəxt olanlar və gözəlliyi səbəbinə fəlakətə düşən— lərin həddi-hesabı yoxdur. Bunları saymaqda məqsədim sizi bədbinliyə düşürmək və gələcəkdən ümidinizi kəsmək deyil. Dünyada elə bir səhv üçün ağlamalısınız ki, onun islahı mümkün olmasın. Böyük bir sərvətiniz əlinizdən çıxmışsa, onun üçün ağlamağınız yersizdir, çünki gənclik və gözəllik, xüsusən tərbiyəli olmaq qadın üçün ən böyük bir zənginlikdir. Gənclik və gözəllik elə bir cavahirdir ki, bütün zənginliklər onunla ələ gətirilir. Siz olduqca gözəl, gənc, təröiyəli bir qızsınız. Ağıllı mühakimələriniz vardır, gözəlliyinizi sizin özünüzə tərif etmək artıqdır. Hərgah özgə bir adamınız ölmüşdürsə, onu da bilirsiniz ki, iki şeyi geri qaytarmaq mümkün deyildir, onun əirisi həyat, o birisi də gənclikdir. Lakin mən sizin ağlamağınıza tanamilə başqa bir məna verirəm. Məncə, siz ilk sevdiyiniz bir adamı tirmişsiniz, bunun üçün də ağlayırsınız. Əziz dostum, hərgah sevdiyiniz zat sizi ataraq başqası ilə yaşayırsa, o barədə ağlamağınız tamamilə yersizdir, çünki həqiqi sevgili o adamdır ki, özünü sevən qızı da sevsin. Madam ki, sizi sevmirmiş, onun üçün ağlamaq lazım deyil. Hərgah siz onunla hədər keçirdiyiniz günlərə acıyırsınızsa, o zaman qismən haqlısınız, çünki bu da bir itki üçün deyil, təhqir olunmaq üçündür. Qız redikülündən dəsmalını çıxarıb gözlərini sildi və stolun üstündəki sudan bir az içərək sözə başladı: – Elədir, mənim peyğəmbəriml - dedi. – Bir alçağı itirdiyim üçün yox, gənc günlərimi itirdiyim və təhqir olunduğum üçün ağlayıram. O məni həm aldatdı, həm də çıxılmaz bir vəziyyətdə buraxdı. Atam Türkiyə cəbhəsindədir. Polkovnikdir. Harada olduğu, ölübqaldığı məlum deyildir. O bizi idarə edirsə də, anamla çoxdan yaşamirdi. O, anamı seryant olduğu zaman almışdı, lakin çara böyük bir xidmət göstərdiyi üçün ona zabitlik rütbəsi verdilər. Böyüdü, daha anamı bəyənmədi, buraxıb başqa bir qadın saxlamağa başladı. Anamın talesizliyindən mənim də payıma düşdü. Çoxdan bəri məni sevən və hələ məktəbdə ikən mənə rahatlıq verməyən bir gəncə söz verdim. O məni, mən onu sevdiyimdən daha artıq sevirdi, gözəl idi, dilli və bacarıqlı idi. Hərbi məktəb qurtarmışdı, İrana göndərilən bir polka kapitan rütbəsi ilə təyin olundu. Getdiyi zaman mənə Oryol şəhərindən iki sətirlik bir məktub yazmışdı. Məktubda: «Mənim həyatım Ksenyal İrandan kağızım gələn kimi yığışıb gələrsən. Ananı da, kiçik bacını da gətir. İmperator ordusunun təzə işğal etdiyi İranı çox yaxşı tərif edirlər), – yazmışdı. Mən onun İrandan yazacağı məktubun intizarını çəkirdim, nəhayət, ay yarım keçəndən sonra Təbrizdən məktubunu aldım. Ünvanını göndərib məni təcili öz yanina çağırmışdı. Mən özüm anamın və bacımın hazırlığını gözləmədim, məktubunu aldıqdan bir gün sonra Təbrizə yola düşdüm, onun ünvanına getdim. Özü evdə yox idi. Müvəqqəti cəbhəyə getmişdi. Məni bir qadın qarşıladı, şeylərimi içəri qoydular, özüm də soyundum, yuyundum, ev xidmətçisindən orada olan və məni qarşılayan qadının kim olduğunu soruşduqda, o: «Ağanın təzə aldığı xanımdır), – dedikdə məni heyrət götürdü. Öz-özümə: Əcəba, bu alçaq evlənmişdisə, nə üçün məni çağırırdı, nə üçün məni və ailəmi Arxangelskdən avara edib buraya gətirirdi? Mən işimi, vəzifəmi, evimi, ailəmi itirib tanımadığım bir ölkəyə düşdümə, – deyə şiddətlə ağladım. Onun təzə arvadı isə mənə təsəlli verdi və iş-işdən keçdiyini söylədi, eyni zamanda bağlı bir paketi də mənə verdi. Həmin alçaq, paketə beş yüz manat pul qoymuşdu. Bu məktubu da yazmışdı: cƏzizim, hörmətli Ksenyal Mən çox düşündükdən sonra birlikdə xoşbəxt ola bilməyəcəyimizi təyin etdim, buna görə də evdə beş yüz manat para buraxdım, onunla yenə də öz yerinizə qayıda bilərsən. Sənin üçün xoşbəxtlik diləyirəm. Xudahafiz. Peratovp. Gecəni orada yatdım, səhər tezdən qalxıb konsulxanaya gedib vəziyyəti anlatdım, konsul Təbrizdə mənə iş verəcəyini vəd etdi. Mehmanxanada mənə yer verdirdi. Nəhayət, dörd gündən sonra anamın Moskvadan teleqramını aldım. Konsulxanadan təcili bir vəsiqə alıb onları istiqbal etmək üçün Culfaya gəldim. Hesabıma görə onlar dünən gəlməli idilər. Lakin gəlib çıxmadılar. Bilmirəm, başlarında nə hadisə vardır. İndi siz özünüz düşünün, hazırda dünyada məndən də bədbəxt bir qız vardırmı?l – Bir çox bədbəxtliklər vardır ki, – dedim, – böyük bir səadətin başlanğıcıdır. Buna siz əmin olun. Sizin konsulxana vasitəsilə iş tapmağınıza gəldikdə, bu barədə Təbrizə qədər danışmağa vaxtımız vardır. Hələlik bütün fikri bir tərəfə buraxıb nahar yeməyinə başlamalıyıq. Qız daha danışmadı, səhərdən bir şey dilinə dəymədiyindən naharı iştahayla yedi və sonra mənə təşəkkür edərək: – İndi siz də rahat olun! – dedi. – Axşam stansiyaya gedəcəyikmi? – Gedərik, heç də düşünməyin, onlar bu gecə gələrlər. Birlikdə Təbrizə gedərik, rahatlığınız üçün də qüvvəm çatınca, imkan daxilində çalışaram. Rus qızı şad bir ürəklə otaqdan çıxıb getdi, mənsə rahat olmaq üçün çarpayıya uzandım. Ancaq rahat ola bilmirdim, qızın haqqında düşünürdüm. €Bu cür qadınlar nə üçün axı mənə rast gəlir? – deyə fikirləşir, öz-özümə gülür və istehza edirdim. – Mən istəməsəydim bununla tanış da olmazdım, avtomobildə məndən başqa da adamlar var idi. Nə üçün də qızı onların öhdəsinə buraxmadım? Qızın öz dediyinə görə atası çar zabitidir, sevib ərə getmək istədiyi və onu təhqır edən adam da zabitdi. Bəs mən nə fikirlə bunu özümə bağladım? Yalnız özü olsa, yenə də dərd yarıdır, özündən başqa iki nəfər də bu axşam gələcəkdir. Əcəba, mən Culfaya çar zabitinin ailəsini təmin etmək üçünmü gəldim? Mən çarpayıda uzandığım zaman bəzən də özümə təskinlik verərək belə düşünürdüm: «Mən amerikalı qız miss Hanna ilə də bu cür tanış oldum. O zaman yenə də mən özümü məzəmmət edirdim, lakin nəticədə amerikalı qızdan azmı istifadə etdik? Qız bizə azmı yaxşılıqlar elədi? Rus qızı Ksenya Pavlovna da gözəl və bacarıqlı bir qızdır. O da Təbrizdə işsiz qalmayacaqdır. O da mənim bu kiçik yaxşılıqlarımı unutmazə. Lakin bu düşüncələr yenə də məni sakit edə bilmirdi, heç bir şey olmasa da, mənim bu üç qadını yanıma salıb Təbrizə aparmağımın özü gülünc bir iş idi. Hələ Məşədi Kazım ağa və Nina da mənə güləcək və başqa cür düşünəcəklərdi. Mən indi özümün qadınlar barəsində zəif olduğuma inanmışdım, onlar məni çox tez ələ ala bilirdilər. Eyni zamanda mən özümün qadınlara olan hörmətimi də xatırlayırdım, çünki bir çoxları təhqir olunmuş və ehtiyac içərisində qalmış qadınlara mənim qədər əhəmiyyət verməz və qeydlərinə qalmazdı. Mən öz dərdini açıb deyən və məndən imdad gözləyən bir qızı köməksiz qoysaydım, onun göz yaşlarını nəzərə almayaraq başımdan rədd etsəydim, nə qədər vicdan əzabı çəkəcəkdiml Çünki o da bir insandır. Onun da şərəfi, onun da mənliyi, onun da başqaları kimi izzət-nəfsi və başqa insanlar kimi arzusu və əməli vardır. Heç şübhəsiz ki, mən bu qıza kömək versəm, heç bir kəsin məni məzəmmət etməyə və üstümə gülməyə ixtiyarı yoxdur. Mənim bu qız haqqında göstərəcəyim hər bir kömək vicdani bir vəzifədir, kömək vermək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq tam mənası ilə insanlıq sifətini itirmək deməkdir. Yerimdə uzanmış ikən insani vəzifələr, bəşəri münasibət, vicdani sövqlər haqqında çox düşündüm. Lakin kömək verəcəyim adamlar çar zabiti ailəsi olduğu üçün özümə başqa suallar da verirdim: Məgər çar zabiti ailəsinə insani vəzifələr, bəşəri münasibətlər, vicdani sövqlər şəraiti daxilində kömək vermək və onları təmin etmək doğru bir hərəkətdirmi? Mübarizə apardığımız bir hökumət məmurunun ailəsinə qarşı mərhəmət göstərmək axmaqlıq və sinfi düşüncə zəifliyi deyildirmi? Bunun üçün bir firqə və bir qrupdan məzəmmət almasam belə, vicdan məzəmməti mənim üçün kifayət etməzmi? Hərgah bu kömək bir qızın göz yaşları ilə və köməksizliklə əlaqədar idisə, həmin bu qızın atası azmı göz yaşları görmüşdür? Bunlar möhtaclara kömək vermək əvəzində minlərlə ailələri ehtiyac içərisində qoyanlar deyildirmi?bə Müxtəsər, yenə də nə qədər düşündümsə, bu suallara müsbət bir don geyindirməyi bacarmadım. Köməksiz qıza kömək etməməyi insafıma sığışdıra bilmirdim. Öz səhvimi düzəltmək üçün də imkan yox idi, çünki qıza söz verib: «Əlimdən gələn qədər kömək edərəmə,, – demişdim. Lakin bu birinci və əsas səhv deyildi, əsas səhvi Təbrizdən Culfaya gəldiyimiz zaman buraxmışdım, o zaman salam verib. salam almaqla kifayətlənsəydim, şübhəsiz ki, qız öz dərdlərini də mənə deyə bilməz və məni bu çıxılmaz vəziyyətdə qoymazdı. Mən bunları düşündüyüm zaman belə bir qərara gəlirdim: umumiyyətlə, kişilər gözəl və gənc qadınlarla yol yoldaşı olduğu və yainki bir məclisdə oturduğu zaman özlərini ağıllı göstərməyə və bir ciilosofə kimi tanıtmağa çalışırlar. Yalnız mən belə deyildim, bir çoxlarını da qadınlara «həyat fəlsəfəsi və təbiət hadisələri barəsində uzun-uzadı danışanda görmüşəm. Gözəl qadın görürkən €filosofə kişilərin olmasının səbəbini anlaya bilmirdim. Qadınların özü də bəzən kişilərin belə hərəkət etmələrinə haqq qazandırırlar. Onlar da rus qızının mənə c€Elədir, mənim peyğəmbərimlə dediyi kimi, fəlsəfədən, təbiətdən və ədəbiyyatdan dəm vuran kişilərə cpeyğəmbənə ləqəbi verirlər. Axşam saat 10-a qədər məni yuxu aparmadı, başım ağırlaşdı. Nəhayət, qızla bərabər stansiyaya getmək lazım gəldiyini xatırlayib qalxdım, yuyundum, geyindim, qızla bərabər stansiyaya getmək üçün otağımdan çıxdım. Qızın da çoxdan bəri məni gözlədiyini gördüm. O: – Dincələ bildinizmi? – deyə soruşduqda mən: – Bəli, bir az. Siz də dincələ bildinizmi? – Mən, fəqət sizin himayənizə əmin olduğum üçün dincələ bildim, lakin bilmirəm onlar gələcəkdirmi? – İndi dəmiryollarında sərnişin qatarlarına çox az yer verilir, qatarların hamısı qoşun və hərbi ləvazimat daşıyır, kim bilir, bəlkə də, öz təlaşları və bacarıqları nəticəsində gələ bildilər. – Heç bilmirəm onlar gəlməsə mən nə edəcəyəm? – Çöldə deyilsiniz ki? Bu gün gəlməzlərsə, bir gün sonra gələrlər. – Artıq qalmaq imkanım yoxdur. Özünüz bilirsiniz ki, o alçaq məni çıxılmaz vəziyyətdə qoymuşdur. Şeylərimi satıb getmək məcburiyyətində qalacağam. – O barədə düşünməyin, heç bir şeyimiz olmasa da, paramız vardır, sizin Təbrizə getməyinizə hər cür kömək edərəm. Fayton çağırtdırdım, oturub stansiyaya yola düşdük. O öz şadlığını heç bir vəchlə gizlədə bilmirdi, əlimi tez-tez sıxır və razılıq edirdi. Qatarın gəlməsinə çox qalırdı. Salonda oturduq, ikimiz də rahat olduqdan sonra çay sifariş verdim. Qırx dəqiqəyə qədər olan söhbətimiz yenə də gündüzkü söhbətlərin davamından ibarət idi. İndi də qız hadisə və təsadüflərdən başlamışdı: onların nə kimi bir xarici qüvvə ilə əlaqədar olduğunu isbat etməyə çalışırdı. Nəsib, qismət və taleyin müəyyən adarrlara məxsus olduğunu qeyd edirdi. O, insanların doğulmazdan əvvəl taleyinin müəyyənləşdiyini, hər kəs üçün xüsusi hadisələr yaradıldığı və hər insanın özünəməxsus bir taleyi olduğu fikrini başıma soxmaq istəyirdi. Qız sevgilisinin onu atmasının da bir xoşbəxtlik hesab etməyə başlamışdı, çünki sevgilisi onu atmasaydı, o heç vaxt mənə təsadüf edə bilməyəcək və mənim dostluğum nəticəsində xoşbəxt ola bilməyəcəkmişl Onun sevincindən yanaqları qıpqırmızı qızarmışdı, heç bir şey düşünməyirdi, o, fəqət mənimlə birlikdə oturub çay içdiyi dəqiqələri görə bilirdi. Mən rus qızını çox diqqətlə dinləyir və bununla Ninanın və amerikalı qızın xasiyyətini müqayisə edirdim. Bu tamamilə başqa bir xasiyyət sahibi idi. Bu heç bir vaxt sabahı düşünməyirdi, sadəcə olaraq təsadüfi dəqiqələrin davamına inanırdı. Bununla Nina və amerikalı qızın xasiyyətləri arasında olan fərqlərdən birisi də özünün bir kişiyə gözəl və gənc bir qız kimi yox, sadə bir insan kimi yanaşması və özünü sevdirmək üçün zövqoyandırıcı söhbətlərə imkan verməməsi idi. Buna görə də mən özüm də Nina və amerikalı qızla birinci kərə tanış olduğum vaxt danışdığım mövzuları bu qız ilə danışmayırdım. Mən indi yəqin edirdim ki, qadınlara eşq elan etmək üçün lazım olan mövzuları qadınların özləri verirlər. Məsələn, mən birinci kərə Ninaya «gözəl qız? dediyim zaman o bu sözümün həqiqi olub-olmamasını yoxlamaq üçün uzun-uzadı mövzular meydana ataraq, o sözü bir daha mənə təkrar etdirmək istəmişdi. Təbiidir ki, burası da qadın üçün bir növ nöqsan hesab edilə bilməzdi, qadının öz gözəlliyini qiymətləndirməsi təbii hallardan birisidir. Təzə tanışım öz gözəlliyini və təbiətin ona verdiyi zənginliyi qiymətləndirə bilmirdi. Ona elə gəlirdi ki, əvvəlki sevgilisi bir qadın olaraq dəyərsizliyi səbəbinə onu başqa bir gözəl qadınla əvəz etmişdir, çünki o, hələ kişilərin müxtəlif və dəlicəsinə zövqləri ilə tanış deyildi. Gənc rus qızı kişilərin bəzən gözəl və namuslu qadınlardan ayrılıb pozğun bir qadınla yaşadığını görməmişdi. Ksenya şüur korluğunun kişilərdə qadınlardan daha artıq oldugunu təyin etmiş olsaydı, şübhəsiz ki, ərinin ondan ayrılmasını özünün dəyərsizliyi kimi qiymətləndirməzdi. Buna görə də qız ərindən ayrıldığını mənə anlatdığı zaman ona deyirdim: – O yenə də sizə qayıdacaqdır, hərgah bu ayrılığa sizin özünüz səbəb olmamışsınızsa, onun şərəfinə toxunacaq bir hərəkət göstərməmişsinizsə, o yenə də sizin yanınıza dönəcəkdir, çünki kişiləri ovlamaq çox asandır. Bəzən ən iradəli, möhkəm və vüqarlı bir kişini ən pozğun bir qadın ovlaya bilir. Burası kişilərin zəif tərəfidir, birbirindən az fərqli olaraq qadın düşkünü olmayan kişi yoxdur. Ancaq kişilərlə qadınlar arasında böyük bir fərq də bundan ibarətdir ki, kişilər yanlış yoldan çox tez qayıda bilərlər. Bunları söyləməkdə məqsədim sizə bir şeyi anlatmaqdır. Özgə cür düşünməyin, hələlik konsulun sizə vədə verdiyi vəzifə üçün də tələsməyin, sevgiliniz sizin yanınıza dönə biləcəyi üçün mövcud olan imkanları müdafiə edin! Əziz dostum, həyatımızı əvvəldən belə qurublar. Kişilər öz üzərlərindəki əxlaq ləkələrini çox çətin görə bilirlər, çünki onlar ancaq qadınlarda ləkə aramaqla məşğuldurlar. Mən bu sözlərlə qızın qəlbini əvvəlki mərkəzinə qaytarmışdım. O. ərinin özünə gələcəyi və yaşca özündən böyük olan qadından əl çəkəcəyinə inanırdı. Qız başını qaldırıb gözlərimə diqqətlə baxdı və sual verdi: – Bəs bu hadisələrdən aldığım təhqirlər necə olsun? – dedikdə mən güldüm və: – Ailə həyatının müsbət tərəflərindən birisi də təhqirləri yumaq və onun zəhərini ürəklərdən təmizləməkdən ibarətdir, – dedim. – Mən zənn edirəm ki, qadınlar çox tez unudar və tez barışar. Bu bir nöqsan hesab edilsə də, mən qadınların bu xasiyyətini sevirəm. Hərgah qadınlarda bu xasiyyət olmasaydı, kişilərin qabalığı qarşısında heç bir ailə həyatı düzələ bilməzdi. Zəng vuruldu, söhbətimiz burada bitdi, çayların pulunu verib salondan bayıra çıxdıq. On dəqiqəyə qədər dolaşdıqdan sonra qatar Culfa burnundan fitini buraxdı, iki dəqiqə keçdi, parovoz dərindən köksünü ötürüb dayandı. Rus qızının gözləri bir anda vaqonları gəzdi, bir dəqiqədən sonra üçüncü sinifli vaqondan aşağı düşən bir qadın və gənc bir qızla öpüşüb görüşdü. Qadın ətrafa göz gəzdirib Ksenyadan soruşdu: – Bəs Yefim hanı? – Yefim yoxdur. Sizi qarşılamaq üçün özüm gəlmişəm. – Qız bunu deyərək məni göstərdi: – Tanış olun! Mənim yol yoldaşımdır. Bizim hamımız buna minrətdarıq. Əvvəlcə qadın, sonra gənc qız əlimi sıxdı, lakin qadın öz adını və atasının adını demədiyi üçün mən də öz familiyamı demədim. Adam çağırdım, onların şeylərini faytona yığdırdım, özüm də onlarla bərabər «Fransa» otelinə gəldim. Onların hamısı qızın otağında yerləşdilər, mən də öz otağıma girib yuyundum, libasımı dəyişdim, çünki şam yeməyinə getmək lazım gəlirdi. Lakin Qriqor ağa gəlib restoranda şam yeməyini məsləhət görmədi, çünki bir neçə saat bundan əvvəl gələn soldat eşelonunun zabitləri restoranda içib keflənmişdilər. Mənim otağım böyük idi, orada stol qoymaq mümkün idi. Belə də etdik. Bu barədə qıza da məlumat verdim, hələ şam yeməyi hazır olmadan iki qız, bir də anası qapını vurub içəri girdilər. Qızların anası hamıdan əvvəl: – Mən şam yeməyinə gəlməklə bərabər, həm də sizdən üzr istəməyə gəlmişəm, – dedi, – doğrusu, stansiyada üzü qara olmuş kürəkənimizi görmədiyimdən özümü o dərəcədə şaşırdım ki, sizinlə tanış olduğum zaman, məndən heç gözlənmədiyi halda, bir etinasızlıq baş verdi. Buna görə də üzr istəyirəm və sizin dübarə əlinizi sıxıram. Qadın bunu deyərək əlini uzatdı: – Yelena Konstantinovna, – dedi. Mən də onun əlini sıxarkən ad və familiyamı dedim. Sonra kiçik qız irəli gəlib: – Silva Pavlovna, – deyərək əlimi sıxdı. Şam süfrəyə verilmədiyinə baxmayaraq, stolun ətrafında oturdular, çünki buradan başqa boş yer yox idi. Qadın çox utanırdı, şübhəsiz ki, bu qadın mənimlə stansiyada birinci görüşdə özünü «məndən bir avropalı və məni «yeni azyabə hesab edərək, ad və familiyasını deməyə tənəzzül etməmişdi. O, oturduqdan sonra məni başımdan ayağıma qədər gözdən keçirib dedi: – Ksenya sizin haqqınızda o qədər müsbət sifətlər saymışdır ki, mən onun son günlər düşdüyü bədbəxtliyi tamamilə unutmuşdum. Siz öz rəftarınızla mədəni bir avropalıdan geri qalmayacağınızı göstərmişsiniz. Mən qadının avropalı və asiyalı haqqında başladığı mövzuda danışmaq istəmədim. Bu söhbət uzun çəkə bilərdi, Bununla biz siyasi məsələlərə də gedib çıxa bilərdik. Mən bununla maraqlanmayırdım, çünki tanış olduğum bu ailənin siması mənim üçün bəlli deyildi. Bu qadının ərindən ayrılması da insanın qarşısında bəzi suallar qoyurdu. Qadın həm kiçik, həm də böyük qızından bir neçə qat gözəl idi. Öz dediyinə görə qırx iki yaşı olan bu qadın insana gənc bir qız təsiri bagışlayırdı. Mənim zənnimə görə, bir kişi nə qədər qadın düşkünü, əxlaqsız və pozğun olursa-olsun, bu cür gözəl bir qadını əsaslı bir səbə» olmadan buraxmazdı. Onun qızının öz əri tərəfindən başqa bir qadınla əvəz edilməsi də əsaslı bir səbəbə bağlıdır, – deyə düşünürdüm. Şam yeməyini verdilər, yemək zamanı yenə də mən süfrə başındakılara baxır və təbiətin onlara bağışladığı zahiri gözəlliyə heyran qalırdım, xüsusən, qızların anası fövqəladə bir gözəlliyə malik idi, onun bütün varlığından məsumluq tökülürdü. «Bu səfərimdə Təbrizin qadın düşkünləri üçün indiyə qədər təsadüf edə bilmədikləri gözəllər aparıram – deyə qəlbimdə özözümə gülürdüm. Lakin bu ailənin tamamilə qadın olduqları, özlərini köməksiz və yardımsız hiss etdikləri mənim onlara bir çar zabiti ailəsi kimi baxmamağıma səbəb olurdu. Mən elə zənn edirdim ki, bunlara kömək vermək nəticəsində nə başqaları, nə də öz vicdanım məni töhmətləndirməyə haqlı deyildi. Onsuz da çar zabitləri bunları atmış və taleyin ixtiyarına buraxmışdı. Bu səbəbdən də mən onların əxlaq pozğunlarının əlinə düşmələrinə imkan verməməyi qərara aldım. Qadın məndən soruşdu: – Siz nə vaxt Təbrizə qayıtmaq istəyirsiniz? – Mənim burada işim qurtarmışdır. Sabah gedə bilərəm. – Nə məsləhət görürsünüz, buradan Rusiyayamı qayıdaq, Təbrizəmi gedək? – Vəziyyətiniz mənim üçün aydın deyildir. Əlinizdə bu iki səfərin barəsində nə kimi imkanlar olduğunu bilmirəm. – Səfərlərin hər ikisi barəsində əlimizdə imkan yoxdur. Arxangelskdə evimizi dağıtdıq, satanı satdıq, qalan şeyləri də gətirmişəm. Mənzilimiz əldən çıxmışdır, qabaqdan da qış gəlir. Birtəhər ora gedib çıxa bilsək belə, yaşamağımız mümkün olmayacaqdır. Təbrizdəki vəziyyətimiz isə sizin üçün aydındır. Şəhər Şərq şəhəridir, tanışımız yoxdur, bizim üçün iş də tapılmaz. Bilmirəm konsul Ksenyaya nə kimi vəzifə verə bilər? – Bu barədə qəti bir söz deyə bilmərəm. İmkan məsələsinə gəldikdə, Təbrizə getmək Arxangelskə dönməkdən məsləhətdir, çünki ora çox yaxındır. Sizin əriniz və qızınızın əri də İrandadır, bəlkə də, onlarla barışar və xoşbəxt yaşaya bilərsiniz. Qadın başına hərəkət verərək dedi: – O mümkün deyil. Mənərimlə heç bir vaxt barışa bilmərəm, Onu görəsi gözüm yoxdur, çünki nə görməli üzü, nə də qəbul etməli əqidəsi vardır. Biz bir-birimizi sevə bilmərik, çünki onunla olan ailə əlaqəmiz dəhşətli bir faciə nəticəsində qırılmışdır. Bəlkə də, tanışlığımız davam edərsə, ərimin nə kimi bir şəxsiyyət olduğu haqqında sizə danışaram. Ksenyanın qəlbi sınmasın, mən onun Yefimdən ayrılmasına da sevinirəm, çünki Yefim də mənim ərimin sevdiyi bir adamdır. Qızların hər ikisi oturub baxırdı, mən kiçik qıza sual verdim: – Silva xanım bu səfərlərin hansı birisini sevir? Qız başını qaldırıb utana-utana üzümə baxdı və yavaşdan dedi: – Ailəmizin yaşayış proqramı pozulmuşdur. Buna görə də səfərlərin hər ikisi eyni şeydir. Biz hara gedərsək, ehtiyac da bizim önümüzcə gedəcəkdir. Mən onlara təsəlli verərək, dedim: – Sizi heç bir ehtiyac qorxutmamalıdır. Ehtiyac ağır olsa da, onun meyvəsi olduqca dadlıdır, çünki elm və sənəti insanların ehtiyacı doğurmuşdur. İnsan bir şeyə ehtiyac hiss etmədən onu əldə etmək üçün çalışmaq istəməz. Mən sizin ailənizin hər cəhətcə bilikli və tərbiyəli ailə olduğunu görürəm, buna görə də sizin üçün ehtiyacın kədərli donunu yırtmaq çox da çətin olmaz. Mən sizin rahatlığınızı təmin edərəm, İranda rus dili öyrənmək həvəsində olanlar çoxdur. Sizin mənziliniz olduqda elan verərsiniz, bir çoxları rus dili təhsili üçün yanınıza gələr. Buna mən söz verirəm. Qadın razı qaldı. Yenə də məndən soruşdu: – Biz nə vasitə ilə Təbrizə gedə biləcəyik? – Sabah Təbrizdən avtomobil müsafir gətirəcəkdir. Qriqor ağaya tapşırmışam, o, avtomobilin başqa müsafir götürməməsinə çalışacaqdır. Zənn edirəm ki, sabah yola düşə biləcəyik. Yemək bitmişdi, kiçik qız gözlərini açmaqda çox çətinlik çəkirdi, çünki qadının dediyinə görə o neçə gündən bəri yuxusuz idi. kkok Culfadan qayıdıb Təbrizə gəldiyim zaman axşam idi. Maşını mehmanxananın qabağında saxladılar, çünki rus qadını ilə qızları mehmanxanada mənzil edəcəkdilər. Bu halda Arşak da gəlib çıxdı, məni maşında gördü, onu yanıma çağırdım, görüşdük, eyni zamanda rus qadınlarının təmin olunması işini də ona tapşırmışdım. Arşak mənim teleqramımı almadığını və mehmanxanaya təsadüfi gəldiyini danışdı. Mən qonaqları ona tapşırdım: – Bunların simaları hələlik bəlli deyildir. Lakin mənim qonaqlarımdır. Onları mehmanxanaçıya tapşırarsan, hər bir xərcləri mənim öhdəmədir. Məşədi Kazım ağaya da tapşıracağam. cErmənistanpda onlar üçün mənzil hazırlasın, onlar toxunulmaz və rahat yaşamalıdırlar. Eşitdin ki?.. – Anladım. O barədə nigaran qalma. Nə vaxt görüşək? – Lazımlı söhbətlərin var? – Vardır! – Axşam saat 10-da gələ bilərsənmi? – Gələrəm. Bunları yerbəyer edənə qədər saat on olar. – Eybi yoxdur. Bu da lazımdır. Ancaq Ninanın yanında ağzından bir söz qaçırmamalısanl Arşak bu sözümdən əlini əlinə çalıb güldü. Mən də güldüm. Rus qadınları bundan şübhələnməsin deyə onlara Arşakın və mənim gülməyimiz barəsində izahat verərək dedim: – Bu adam mənim ticarət yoldaşımdır. Sizin kim olduğunuzu soruşduqda mən «bacım və bacı qızlarımdım dedim. O inanmadı və dedi ki, görünür anan səni atan səfərdə olanda doğmuşdur, çünki sən heç də bacına oxşamırsan. Bunun üçün də güldük. Bu sözümdən qadın da, qızları da güldü. Sonra da mən vidalaşıb ayrılarkən qadın tələsik soruşdu: – Bizi tamamilə unudursunuzmu? – Xeyr! Sizi unutmayacağam. Bu ağaya sizi tapşırdım, bütün məsarifiniz mənim öhdəmədir. Sizin üçün mənzil də tapacaqdır. Hər barədən əmin ola bilərsiniz. Özüm də görüşünüzə gələcəyəm, – deyərək ayrıldım. Evə gəldikdə hava qaranlıqlaşmışdı. Məni Nina, Məcid, Məşədi Kazım ağa və Ələkbər yoldaş dəhlizdə qarşıladı. Bunların hamısı ilə bir-bir görüşdük. Yuyunub libasımı dəyişdim, çay otağına keçdim. Qabaqca yorğunluğumu unutmaq üçün Məşədi Kazım ağaya sual verdim: – Məşədinin kefi necədir? O, həmişəki adəti üzrə boynunu çiyninə qoydu və əllərini birbirinə sürtməyə başladı: – Allah yoldaşın kölgəsini bizim başımızın üstündən əskik etməsin, – dedi. – Nə üçün, işimiz yaman deyil. Yoldaşın vasitəsilə konsulxanadan götürdüyüm işlərdən beş-altı şayı çörək pulu çıxırdı. Mən gülərək bir daha sual verdim: – Məşədi Kazım ağa, burası bir az örtülü oldu, necə yəni beşaltı şayı?l Beş-altı şayı ilə sən ki, razı olmazsan. Burasını bir az açıq deyə bilməzsənmi? Sənin əlindən alan yoxdur ki?.. Məşədi Kazım ağa başını bir neçə kərə o tərəf-bu tərəfə çevirdi, özünəməxsus süni və amansızcasına güldü və əllərini daraqlayıb dedi: – Hə da... beş-altı şayı çıxırdı, xərcləri ödəyə bilir... Əlhəmdülillah, inqilabımızın bərəkətindən namərdə möhtac döyülük, hərdənbir Nina xanımın və gəlinlərin məsarifi üçün sandığa da beş-altı yüz tümən qoya bilirəm. – Demək ki, işiniz sazdır? – Sazdır dedin qurtardı?l Amma bu işə əlli qurd göz dikibdir. Qorxuram ki, bir gün əlimi boşda qoysunlar. Siz öləsiniz, belə bir iş olsa, bağrım çatlar. Külfət başlı-başına qalar. – Qorxmayın, elə iş olmaz. Nə qədər ki, mən Təbrizdəyəm həmin işi heç bir kəs sənin əlindən ala bilməz. – Allah inqilabı bizə çox görməsin. Məni adam edib adamlar içərisinə çıxardı. Bilirsinizmi... mən inqilabçı olduğum üçün nə qədər şadlanıraml Uşaqlarım və Nina xanımın canı üçün, həqiqi inqilabçıyam. Məşədi Kazım ağa elə düşünürdü ki, çar hökumətinin xəzinəsindən çıxan para çarın ata-babasından qalan xüsusi pulların hesabınadır. O, bütün pulların Rusiya kəndlisi və Rusiya fəhləsinin qabırğasından və alın tərindən çıxdığını bilmirdi. Lakin bununla bərabər, bu qazancın Məşədi Kazım ağanın əlində olması, başqalarının əlində olmasından məsləhət idi, çünki Məşədi Kazım qazancının az faizini də olsa, inqilab yolunda xərcləyirdi. Gecə keçirdi. Yedik, içdik. Yatmaq üçün Nina öz Məcidinin otağına getdi, Məşədi Kazım ağa da xudahafizləşib qalxdı. Ələkbər yoldaşla mən oturub Arşakı gözləyirdik. Onunla Andranik paşanın Təbriz ermənilərindən könüllü yığmaq məsələsini müzakirə edəcəkdik. * * * Gözlənməyən nəticə Öz vəhşiliyi ilə tanınan Andranik paşanın nümayəndələri bir neçə gündü ki, yerli ermənilərdən könüllü yığmaq üçün Təbrizə gəlmişdi. Safraziyan və onun kürəkəni Hayk Təbrizdəki daşnakların iclasını çağırıb onlarla razılaşmışdı. Onlar artıq öz xəyanətlərinə başlamış və erməni yoxsullarını bu «müqəddəsə yola dəvət etmişdi. Könüllü yazılanlar və daşnak partiyasının tələsinə düşənlər çox idi. Neçə gündü ki, çar hökumətinin yaratdığı uçurumlara düşmək istəyən və kor-koranə könüllü yazılan erməni gəncləri, daşnak çşairələri və daşnak cbəstəkarəları tərəfindən bəstələnmiş milli şərqiləri oxuya-oxuya Təbriz küçələrini dolaşırdı. Bu vəziyyət Təbriz müsəlmanları və xüsusilə müsəlman millətçiləri içərisində çox fəna təsir bağışlamışdı. Təbrizdəki çar konsulxanası isə bundan xeyli məmnun idi. Konsulxananın avtomaşını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxılmışdı. Daşnaklar avtomobildə gəzir və küçələrdə milli şərqi oxuyan və ermənilərin milli duyğusunu coşduran dəstələri idarə edirdilər. Daşnak partiyasına mənsub tacirlər, bir neçə də nüfuzsuz erməni ruhaniləri konsulxana ilə sıx əlaqə saxlayaraq, oradan gündəlik işlər üçün göstərişlər alırdı. Çar konsulxanasının bu təşəbbüsü köhnə Üçkilsə səltənətinin bərpası və erməni xalqının azadlığı boyası ilə bəzənib aralığa çıxdığına və qəhrəman Nersesin yolunu davam etdirdiyi iddialarına baxmayaraq, yerli ermənilər, hətta tacirlər və yoxsul ailələr də bu təşəbbüsdən razı deyildilər. Onlar ermənilərin bu xəyanətdə iştirak etməsinə qarşı açıq-açığına çıxmağı bacarmırdılar, çünki mauzerçilər bir qatil, bir Əzrail kimi gündə neçə kərə onların gözlərinə görünürdü. Təbrizdə yaşayan minlərlə ailə, Andranik paşanın könüllü yazı!maq barəsindəki dəvətnaməsini bir ölüm xəbəri kimi qarşıladı. Lakin daşnak partiyası da öz növbəsində bu işləri hiss edərək, ətrafdan gələn daşnaklara əlavə olaraq bir para xuliqanları da silahlandırmışdı. Onlar bir çoxlarını tapança gücü ilə könüllü yığan komisyona gətirir və adını yazdırırdılar. Biz bu hərəkətin qabağını almaq üçün erməni inqilabçılarının iclasını çağırmışdıq. İclasda erməni tacirlərinin və bu hərəkətə qoşulmayan erməni ruhanilərinin ümumi yığıncağını çağırmaq və onunla məsləhətləşməyi qərara almaq istərkən buna Arşak Surenyans etiraz edərək: – Bu iş heç də fayda verməzi - dedi. Mən: – Nə üçün? - deyə soruşdum. – Bizə inqilab illərindən aldığımız dərslər bir çox həqiqətləri göstərmişdir. Biz o zaman gördük ki, quru məsləhət inqilabı müdafiə edə bilmədi, məsləhəti həyata keçirmək üçün silah və güc də lazımdır. Biz beş nəfər taciri və ruhanini yığmaqla əlli ildən bəri terror və xəyanətlə məşğul olan daşnakların qarşısına çıxa bilərikmi? Bu sözdən sonra mən Arşaka sual verdim: – Arşak yoldaş, nə təklif edirsən? – Mən təklif edirəm ki, əvvəlcə bu iclasda intibahnamə və erməni xalqına buraxılacaq müraciətnamə məsələsini tamamilə kənara ataq, çünki biz onunla daşnakları ayıq salarıq və qızışdıra bilərik. Onlar öz işlərini daha da möhkəm tutmağa çalışarlar. – Bəs nə etmək? Oturub əlimizi əlimizin üstünə qoyub tamaşaçımı olaq? – Yox, yoldaş! – dedi. – Biz heç vaxt tamaşaçı olmamışıq. Mənim dediyim odur ki, düşməni qəfildən yaxalayaq. Mən belə məsləhət görürəm: əvvəlcə bu işdə iştirak edən daşnakların və erməni xalqına terror gücü göstərənlərin siyahısını əldə edək və onlarla tək-tək və kütləvi surətdə mübarizə aparaq. Mən Aşşakın fikrindən təzə ruh və təzə bir duyğu aldım və adətim üzrə: – Erməni oğlu erməni! – dedim. – Sən daşnakların çar konsulxanası və İran valisi Hacı Səməd xan tərəfindən müdafiə olunduğunu bilirsənmi? Arşak əlini şappıltı ilə çiynimə vurub: – Qoy müdafiə eləsinlər, – dedi, – gündüzləri məmləkəti idarə etsinlər. gecələri isə hökumət bizim əlimizdədir. Bizim düzəltdiyimiz düvvə ilə yalnız Təbriz daşnakları yox, Andranik paşanın özü də bacara bilməz, çünki onlar bizi görmür, biz isə onları görürük. Bizdə silah da var, canlı qüvvə də var. Onlar yalnız beş-on nəfər xu- İiqana arxalanırlarsa, biz yalnız inqilaba sadiq olan erməni gənclərinə yox, bütün inqilabçılara arxalanırıq. Bizə gürcülər, müsəl— manlar, inqilabçı ruslar və başqaları da kömək edər. İndi de görüm, əziz yoldaş, mən dediyim yaxşıdır, yainki sizin müraciətnamələriniz və məsləhətləriniz? Mən heç təxir etmədən və başqalarının fikrini gözləmədən çox cəsarətlə: – Arşakın fikrinə şərik oluram, – dedim. – İndisə mənə səlahiyyət verin. Necə ki, bilirəm elə də işə başlayım. – Yox, yoldaş Arşak, öz planını düzəltməlisən, o plana görə də biz işə başlamalıyıq. Doğrusu, sən bir az baş aparansan. Arşak bu təklifə razı oldu. İclas da bu qərarı qəbul etdi. Doğrudan da, daşnakların çar konsulu və Hacı Səməd xana arxalandıqlarına baxmayaraq, bizim sərəncamımızda olan qüvvə ilə mübarizə apara bilməzdilər. Əlimizdə bir orduya çatacaq qədər silah var idi. Təbriz inqilabı zamanında təcrübə görmüş, Səttar xandan dərs almış yüzlərlə igid və qəhrəman erməni gəncləri bizim cərgəmizdə idi. Onlar Təbrizdəki müsəlman gəncləri ilə bərabər, bu günə qədər öz silahlarını yerə qoymamışdılar. Səttar xan dövründə birinci cərgədə vuruşan erməni inqilabçılarının hamısı Andranik paşanın əleyhinə idi. Daşnaklar bunların hamisinı bilirdi. Onların arxalandığı ancaq çar konsulu və onun nökəri olan Hacı Səməd xandan ibarət idi. Buna görə də onlar bizim dəyərli bir çıxış edə biləcəyimizə inanmayıb arxayın hərəkət edirdilər. * * * Könüllü yazmaq məntəqəsinə adamlar təyin etmişdik. Aldığımız məlumata görə birinci gün daşnakların səyi və təlaşına baxmayaraq, ancaq on bir nəfər könüllü yazılmışdı ki, bunların da ikisi asori idi. Daşnak təbliğatçılara isə on bir nəfər gəncə yüz nəfər də könüllü yazılmamış adamları qoşub şəhərdə gəzdirir və könüllü toplanışının müvəffəqiyyət qazandığını göstərmək istəyirdi. Bu nümayiş yazılmayanları tərğib etmək və yazılanların başını qatmaq üçün idi, çünki daşnaklar işə başlamadan əvvəl əks-təbliğatdan qorxurdular. Yazılanları nə gecə, nə də gündüz gözdən kənara buraxmırdılar. Onları gecə ikən Xoy şəhərinə, Andranikin qərargahına göndərmək istəyirdilər. Bu gecə daşnak partiyasının köhnə üzvləri könüllü yazılanlar üçün bir vida ziyafəti hazırlamışdı. Ziyafət Sona bacının mehmanxanasında düzəldilmişdi, çünki Təbrizdə bundan da oynaq kef yeri yox idi. Otaq dolu idi, boş kürsü yox idi. Bir stolun başında dörd nəfər əvəzinə səkkiz nəfər yerləşmişdi, öz pulu ilə kef edən və ziyafətə dəvət edilənlər bir-birinin qucağında oturmuşdu. Piyalələr yenicə doldurulmuşdu. Sona bacının sifarişi üzrə Rusiya və Qafqazdan Təbrizə gəlmiş gözəl qızların hərəsi bir daşnakın nazını çəkirdi. Piyalə və məzələrin hərəsini bir gözəl qız hazırlayırdı. Çalğıçılar ancaq şərab və kefcil qadın məclislərinə məxsus mahnıları çalırdı. Andranik paşanın sağlığına qaldırılan piyalə 1I Nikolayın sağlığına qaldırılan piyalədən qabağa düşmüşdü. Haradansa Sona bacı Andranik paşanın böyüdülmüş şəklini taparaq kağız güllərlə bəzəyib, mehmanxana otağının yuxarı başında divara vurmuşdu. Yerli sərxoşlardan Abbas xan Bəngi, Lilavalı Haşım ağa, Molla Zeynəb oğlu Hüseynbala, qatırçı nəvəsi Teymur ağa da bucaqdakı stolda oturub araq butulkasını təzəcə açmışdılar. Bunlar Sona bacının həm varlı, həm də nüfuzlu müştəriləri idi, çünki Lilavalı Haşım ağa ilə qatırçı nəvəsi Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurub-yıxan cavanlardan idi. Buna görə də Sona bacı bunların yanını boş qoymaq istəmədi. Qızların ən gözəlini seçib Abbas bəy Bənginin stoluna göndərdi. Meyxanada yerli müsəlmanlardan ancaq dörd nəfər olduğu üçün daşnakların hamısı onlara hörmət edir və onları razı salmağa çalışırdı. Zatən Təbriz erməniləri ilə Təbriz müsəlmanları dinçi olduqlarına baxmayaraq, bir-birlərinə olduqca mehribandılar. Burada da eyni mehribanlıq davam edirdi: tez-tez Abbas xan Bənginin stolundakıların sağlığına içilirdi. Sərkis Turacyan ziyafətin başçısı və müəssisi olduğundan piyaləsini qaldırıb üzünü məclisə tutaraq deyirdi: – Ağalar) Biz gərək bugünkü şad ziyafətimizə, şad və qəmli günlərdə bir-birimizdən ayrılmadığımız müsəlman dostlarımızı da çağıra idik. Bu bizim səhvimizdir. Bizim bu səhvimizi düzəltmək üçün cənab Abbas xan və bizim möhtərəm dostumuz Haşım ağa, Hüseynoala və Teymur ağa cənablarının özləri bizim kef məclisimizə gəibdir. onlar bu şad gündə də bizdən ayrılmaq istəməmişlər. Mən bu viyaləni bizim əziz qonşularımızın şərəfinə qaldırıraml.. Bir çoxları uzaqdan, bir çoxları da yaxından Abbas xanın stolundaoların şərəfinə içirdi. Daşnakların stollarından cürbəcür səslər eşidilirdi: Müsəlmanlara bizim canımız qurbandır! – Yaxşı igidlərə canımız qurban! Ölənə kimi varıq! – Allah qonşularımızı bizə çox görməsin! Teymur ağanı öz anamın doğma oğlu kimi sevirəm. – Haşım ağa ilə bizi kim ayıra bilər?l Bu səslərin içərisində Səttar xan və Bağır xanın, Hüseyn Bağbanın və sairələrinin də adı çəkilirdi. Lakin Sərkis Turacyanın işarəsilə bu cür səslər çox tez aradan çıxdı. Abbas xanın təbi gəlmişdi. O, yanında oturan qıza sual verdi: – Xanımın ismi-şərifi nədir? Qız bu sözü eşidən kimi başqa cür düşündü, azərbaycanca danışdığına baxmayaraq, Abbas xanın nə dediyini anlamadı, buna görə də boynundakı şarfı açıb: – Doğrudur, bu istidə şarf nədir? – deyə dizinin üstünə qoydu. Haşım ağa qızın onu anlamadağını hiss etdiyi üçün izahat verdi: – Cənab xan buyurur ki, xanımın adı nədir? Qız utana-utana gülərək: – Hə, bağışlayınız, baş tapmadım. Adım Süsəndir, – dedi və başındakı darağı ilə tüklərini daramağa başladı. Abbas xan Bəngi hər yerdə olduğu kimi burada da şeir yazmağa başladı, dəmir qələmini çıxarıb bloknotunu əlinə aldı. Hamının gözü Abbas xanda idi, çünki onun xasiyyətini bilməmiş deyildilər, hamı gözlərini ona dikib nə vaxt şeir oxuyacağını gözləyirdi. Nəhayət, Abbas xan növbədən xaric bir neçə piyalə araq içdikdən sonra qələmi qoynuna qoydu və üzünü Süsən xanıma tutub şeirini oxudu: Saqi, ver məclisə dövr etdir o peymanələri, Rövşən et şəmü, şərabilə bu kaşanələri. Zahida, get sənin olsun hamı qılmanü, mələk Dəng qılma məni, az söylə bu əfsanələri. Vurma əl sirrimə, bəxş etdi bizim taleyimiz Ruzi-əzzəl sənə məscid, mənə meyxanələri. Mən görən mahüvəşin daneyi-xalin görsən Yandırarsan bilirəm, səbheyi səd danələri. Hamı qalxıb əl çaldı, təzədən piyalələri doldurub Abbas xanın şərəfinə içməyə başladılar. Otağa beş nəfər əlavə olaraq gənc erməni girdi, onlar oturmağa boş yer axtarırmışlar kimi stolların arası ilə gəzib oturanları gözdən keçirirdilər. Bunları daşnaklardan heç birisi tanımırdı. Bunun üçün onlara əhəmiyyət verib stola dəvət edən yox idi. Az sonra içəriyə bir nəfər adam daxil olub, Lilavalı Haşım ağaya bir məktub verdi. O, məktubu yoldaşlarına göstərdikdən sonra durub Teymur ağa ilə bərabər bayıra çıxdı, stolun başında Abbas xan Bəngi, bir də Molla Zeynəb oğlu Hüseyn qalmışdı ki, bunlar da Süsən xanımı yedirmək və içirməklə məşğul idilər. Məclisə tanış olmayan erməni gənclərinin hər birisi bir bucaqda durmuşdu, onlardan bir səs eşidildi: – Əllərinizi yuxarı qaldırın! Hamı piyaləsini yerə qoyub, səs gələn tərəfə baxdı. Beş nəfər əllərində onaçılan tapança və bomba durmuşdu, qapı ağzında da bir neçə nəfər tapança və bombalı dayanmışdı. Hamının əlləri yuxarı qalxmışdı, bir neçə nəfər içəri girib daşnakların yanlarında olan silahları yığmağa başladı. Sonra da könüllü yazılan gənclərə müraciətlə: – Mandatlarınızı verin! – dedilər. Mandatların hamısını alıb cırıb atdılar və onlara əmr etdilər: – Buradan durub birbaşa evinizə gedin! Andranikin könüllü ordusuna yazılanlar öz ailəsinin fəlakətinə səbəb olacaqdır! Təhdid ilə onları evlərinə yola saldılar. Sonra da meyxanaçı ilə bərabər oradakı daşnakların qollarını bağladılar və Abbas xana müraciətlə: – Yoldaşlarınız sizi bayırda gözləyir, onların bu işə müdaxilə etməməsi üçün bayıra çağırdıq, durub gedə bilərsiniz. Onlar durub gedəndən sonra meyxana sahibi ilə birlikdə qadınların əl-ayağını sarıyaraq, qapını bağladılar... Bu xəbərlər ildırım sürəti ilə Təbrizə yayıldı. Səhər könüllü toplayan məntəqə açılmamışdı, küçələrdə bir nəfər də olsa silahlı gəzən daşnak görünməyirdi, bir çox daşnak rəhbərlərinin gecəykən Təbrizdən qaçdıqları xəbəri gəldi. Andranik paşanın Təbriz nümayəndəsi Hayk gecə küçədə bərk döyüldüyü və başı-gözü dağıldığı üçün yorğan-döşəkdə yatırdı, könüllü toplanan məntəqənin qapısını gecəykən erməni gəncləri sındırib oranı talan etmişdi. Divarlarda olan qanlı şüarları yırtıb, Andranik paşanın böyük təsvirinin altından yazmışdılar: €Qanlı əlini çək Təbriz ermənilərindəni Sənə də, səni işə göndərənlərə də lənətlə * * * Təzə xəyanətlər Dünən səhərdən evdən çıxıb gecə saat birdə evə qayıtmışdım. İclas yerlərinin uzaqda olması bəzən iclasdan sonra evə qayıtmağıma da imkan vermirdi. Buna görə də Nina və Məşədi Kazım ağa mənim haqqımda şübhələnir və vaxtımı ziyafətlərdə keçirdiyimi düşünür, hətta xasiyyətimin dəyişdiyi barəsində də dalda danışırdılar. Bəzən mən səhərlər Nina ilə danışmadan və onun ehtiyaclarını soruşmazdan əvvəl çıxıb gedirdim. Nəhayət, bu gün onlar mənim dalımca danışdıqları sözləri özümə deməyə qərar vermişlərdi. Onlar mənim yenə də tezdən gedəcəyimi zənn etdiklərindən hamıdan qabaq yuxudan qalxıb qarovulumu çəkirdilər. Mən tezdən yuxudan qalxmışdım, Hüseynəli əminin arvadı Səriyyə xala samovarı qaynadib gətirmişdi. Mən Ələkbər yoldaşı oyatmaq üçün dəhlizə çıxıb, onun qapısını döymək istərkən Məşədi Kazım ağanı dəhlizdə gördüm. O məni gördüyü zaman qabaqca adəti üzrə dişləri görünməyəcək halda güldü və salamını vermədən soruşdu: – Deyəsən, dadaş yenə də bir yerə getmək istəyir, hə?1 Bu sözdən bir şey hiss etdim və burada bir kələk olduğunu anladım, çünki çox vaxt Nina utanıb deyə bilmədiyi sözləri Məşədi Kazım ağanın vasitəsilə deyərdi. Hərgah Məşədi Kazım ağanın qəlbini axtarmaq mümkün olsaydı, Ninanın şəxsi həyatımızdan olan şikayətlərinin hamısını orada tapmaq mümkün idi. Bu xasiyyət yalnız Ninaya məxsus deyildir, zatən qadınların hamısının bir nəfər sirdaşı olur. Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. Qadın nə qədər gözəl bir həyat içərisində yaşayırsa-yaşasın, yenə özü üçün bir şeyi dərd qərar verir, onu da öz sirr adamına söyləyir. Qadının incəlikləri, zərrəbindən bir neçə qat artıq görən qəlbi, öz həssaslığını ancaq kişiləri araşdırmaq və onlarda öz şikayətinə haqq qazandıra bilən bir cəhət tapmağa sərf edir. Bəzən qadının sirdaşları da onların kişilər barəsindəki şübhələrinə təkan verə bilir. Bunu Məşədi Kazım ağa ilə Ninanın mənim barəmdəki dərdləşmələri zamanında da təcrübədən keçirmişdim. Məşədi Kazım ağa əllərini bir-birinə sürtüb o tərəf, bu tərəfə əyilirdi, bununla da o, sanki mənə verdiyi sualın cavabını gözləyirdi. Bütün bu hallar bu gün onun mənim üçün bir «aş bişirdiyinib göstərirdi. Buna görə mən də öz cavablarımı hazırlamalı və vəziyyətin içindən çıxmağa çalışmalı idim. – Xeyr! Bu gün heç bir yerə getmirəm, Ələkbər yoldaşı çay içmək üçün çağırıram. Siz də buyura bilərsiniz, – dedikdə o: – Elə mənim də sizi könlüm istəyir. Oturub bir az danışaq, görək nə var, nə yox, – deyərək mənimlə bərabər çay otağına girdi. Ələkbər yoldaş gəldi. O, yerə oturan kimi də Səriyyə xala onun qəlyanını gətirib stolun üstünə qoydu, çünki hər şeydən qabaq bir stəkan çay içmək və bir qəlyan çəkmək onun adəti idi. Bir neçə dəqiqədən sonra dəstənin başı açıldı, Təhminə xanımla Məcid içəri girdi, bir az keçdi, Nina əlində Məcidin paltosunu gətirdiyini bəhanə edib, içəri girdi, lakin nə Təhminə xanım, nə də Nina mənə o qədər də əhəmiyyət vermirdi. Onlar ancaq Ələkbər yoldaşla danışır və onun kefini xəbər alır, ona məhəbbət göstərirdilər. Mən Məşədi Kazım ağanın qulağına pıçıldadım: – Deyəsən, bu kələklərin hamısı sənin kələklərindir, – dedikdə o da: – Əhəmiyyət verməyin, – dedi. Məsələ aydınlaşdı, buna görə də mən qabaqca Ninanın söz açmasına imkan vermədim, onun nəzərlərində oxunan narazılığı söndürmək üçün sözə başladım: – Mən özüm sizi bir yerə yığacaqdım, sizə əleyhimizə hazırlanmaqda olan təhlükə haqqında danışmaq istəyirdim, – dedikdə Məşədi Kazım ağanın tövrü tamamilə dəyişdi, oturduğu kürsünün üstündən qalxıb bir də oturdu. Əllərini dizlərinə söykəyib boynu ilə bərabər bütün vücudunu mənə tərəfuzatdı, bir-iki dəfə udqundu və qorxulu nəzərlərlə mənə baxaraq soruşdu: – Təzə təhlükə? Mən qabağımdakı çayı qarışdırıb içincə o bir neçə kərə bu sualı mənə verdi, çünki hamıdan artıq təhlükədən Məşədi Kazım ağa qorxurdü. Əvvəla, təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu, çünki o, paranı ancaq inqilabdan qazanırdı. İkincisi də, təhlükə zamanlarında təhlükəyə qarşı hazırlıq görmək üçün artıq para lazım gəldikdə Məşədi Kazım ağa verməli idi. Onun qorxusu bu iki səbəbdən ola bilərdi. Otaqda bir səbirsizlik davam “dirdi. Məşədi Kazım ağa Ələkbər yoldaşa tərəf dönüb: – Qəribə adamdır hal.. – dedi və sonra da məclisə müraciətlə sözünə davam etdi: – Bu inqilabda biz də iştirak edirux, ya yox?l Bəs biz bilməyək ki, başımıza nə gəlir?1 Mən daşın sevər yerdən dəydiyini dərhal hiss etdim, buna görə də Məşədi Kazım ağaya tərəf soyuq bir nəzər ataraq: – Görünür ki, inqilabda iştirak etmirsiniz, – dedikdə o boynunu geri çəkdi və mənə sual verdi: – Mən ölüm, bu sözü doğrumu deyirsən? Mən inqilabda iştirak etmirəmmi? Mənim malım da, canım da inqilaba qurban deyilmi?1 – Orası mənə məlumdur. Lakin hələlik bizim dostumuz Təbriz inqilabını buraxıb ancaq evimizdə inqilab yaradır. Eybi nədir, bu da inqilabdır. Biz Ələkbər yoldaşla bütün gecə-gündüzü Hacı Səməd xanın təzə macərası haqqında iclaslarda keçirdikdə, siz də burada mənim ziyafətlərdə, kef məclislərində vaxt keçirdiyimi deyib arvadların içində inqilab törədirsiniz. Məşədi Kazım ağa bu sözdə köməksiz adamlar kimi o tərəf-bu tərəfə baxıb: – Bu bığları qəbrə qoyasan ki, bu işdən mənim xəbərim yoxdur, – dedikdə Nina qəhqəhə ilə güldü və bu gülüşdən Məşədi Kazım ağa qızardı, Ninaya baxaraq: – Eybi yoxdur, Nina bacı! Bir də mənə tövbə olsun ki, arvad tayfasının ipinə odun yığmayıml Məşədi Kazım ağa və Nina təzə təhlükənin nədən ibarət olduğu ilə maraqlanırdılar. Nina məndən bu barədə soruşdu: – Doğrudan da, bir hadisə gözlənilirmi? – Ciddi bir hadisənin baş verəcəyi şübhəsizdir. Çar general-qubernatoru və onun nökəri olan Hacı Səməd xan Şücaüddövlə heç vaxt Təbriz xalqını İranın başqa yerlərindəki xalqla müqayisə edə bilməz, çünki təbrizlilər siyasi məsələləri başqalarından daha tez həll edə bilirlər, çünki Rusiyada baş verən Beşinci il hərəkatı və Rusiya işçisinin silahlı üsyanı Təbriz xalqının gözü önündə keçirmişdir. Bunlardan əlavə, çar müstəmləkəçilərinin təzyiqləri və eyni zamanda yerli feodalların talanları da Təbriz xalqının ayılmasına və onun mübarizə duyğuları ilə silahlanmasına səbəb olmuşdur. Təbriz inqilabı hərəkatda həmişə İran xalqlarına yol göstərib, bayraqdar olub. Çar hökuməti və yerli feodallar inqilabi fikirləri və güclənməkdə olan siyasi şüuru Azərbaycan xalqının zehnindən silahla çıxarmağı bacarmadı. Buna görə də onlar təbrizlilərin bu hislərini söndürmək üçün təzə bir silah işlətmək istəyirlər. O silah dinçilikdən, bidət və mövhumatdan ibarətdir. Son zamanlar çar və ingilis müstəmləkəçiləri din və mövhumat təbliğatına hər zamandan artıq diqqət verirlər. Çar konsulu Hacı Səməd xana bu barədə ciddi təlimat vermişdir. Məşədi Kazım ağanın rəngi açıldı, çünki bu xəbərdə onun maddi mənafeyi üçün heç bir zərər görünməyirdi. O, çox cürətli bir surətdə: – Eybi yoxdur, qoy nə bilirlər etsinlər. Biz də inqilabçıyıq, biz də işimizi bilirik! – dedikdə məclisin əhvali-ruhiyyəsi dəyişdi, mən də Ninaya tərəf dönüb dedim: – Hacı Səməd xanın bu xəyanəti, özünün minlərlə inqilabçıları məhv etməsindən, zirzəmilərdə boğdurub küçələrə atdırmasından, buz bağlamış hovuzlara salıb dondurmasından, inqilabçıları kütləvi surətdə çar landarmının əlinə tapşırıb Sibirə sürgün etdirməsindən daha qorxuludur. * * * Süruri-xəlvət Hüseynqulu xan Axşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı. Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə: – Yaxına təşrif gətir, mənim mehribanım! – deyərək ona yalvarırdı. Lakin Hüseynqulu xan onun yalvarışlarını eşitmirdi. Axırda Rəşidülmülk ayağa qalxdı və onun gözlərindən öpərək: – Səbəbsiz inciməyin nə mənası vardır? – dedi. – Səbəbsiz dünyada heç bir şey yoxdur. Səbəbi odur ki, siz məni aldadırsınız. – Həzrət Seyidüşşühədaya and olsun ki, mən heç vaxt səni aldatmamışam. – Hərgah siz məni aldatmırsınızsa, bəs nə üçün vaxtı keçirirsiniz? Artıq mənim iyirmi iki yaşım vardır. Mənim də, Mahru xanımın da cavanlığı keçir, biz nə vaxt evlənəcəyik? – Mən sənə söz vermişəm, nə Mahru, nə də sən buradan kənara çıxmayacaqsınız. Qız səninkidir. Mən yaxın zamanda onu razı sala- «ağam. Məni incitmə, götür paltarlarını geyin, nə üçün gözəl vaxtımızı hədər edirsən? Hüseynqulu xan Süruri-xəlvət gətirdiyi çamadanı götürüb pərdənin dalına keçdi, Mahru isə qapının dalında oturub düşünürdü. Onun üçün Rəşidülmülkün bu xəyanəti təzə xəyanət idi. Mahru Rəşidülmülkün onu öz csevgilibsi Hüseynqulu xan kimi bir əxlaq pozğununa vədə verdiyini bilmirdi. O, bunları eşitdikdən sonra daha otura bilmədi, öz otağına qayıdıb yatağına uzandı. Hüseynqulu xan pərdənin dalından çıxdı. İndi o, Hüseynqulu xan deyil, Məhbubə xanım? adında iyirmi iki yaşlı avropalı qız idi. Rəşidülmülk qalxıb onu qarşıladı, öz yanında əyləşdirdi, zəngi çalıb xidmətçini çağırdı, bir neçə dəqiqə keçmədən xidmətçi şərab busatını düzəltdi, 6Məhbubə xanım? isə piyalələri bir-birinin dalınca boşaldıb Rəşidülmülkün başını düzəltdi. Rəşidülmülk qalxıb pərdənin dalından qızıl, firuzə və sədəflərlə düzəlmiş kamançanı gətirib «Məhbubə xanım?pa verdi: – Al, mənim Məhbubəm, al! Kəbənin tağı qədər müqəddəs olan qaşlarına and içirəm, nə qədər ki, sən varsan, evlənməyəcəyəml – Sözlə olmaz, bunu yazılı olaraq mənə verməlisiniz! – O da mənim gözüm üstündə. Ancaq sən çal və oxu! – Durub öz dediyinizi yazın, sonra... Rəşidülmülk qalxıb yazı stolunun dalına keçdi. Qələmi götürüb yazdı və «Məhbubə xanımşa göstərdi: – Buyur, mənim varlığım! – dedi və kağızı stolun üstünə atdı. Məhbubə xanım?, doğrudan da, bir qadın şivəsi ilə oxumağa və çalmağa başladı: Saqi, meyi ver, xumdə şərab olduqca, Abad elə könlümü xarab olduqca, Eşq atəşinə cismimi yandır, saqi, Ləzzətli olar badə kabab olduqca. Saqi, dolanım başına ləbriz elə cam, Gün keçdi, tükəndi ömür, getdi əyyam. Sındırdı əlimdə şişəni səngi-cəfa, Bu deyrü dəhrdə almadım zərrəcə kam. Gecə saat on iki idi, 6Məhbubə xanım? yenə də paltarın çıxarıb çamadanına qoydu, Rəşidülmülk isə xidmətçini səsləyərək: – Faytonu qoşub cənab Hüseynqulu xanı evlərinə aparsınlar, – dedi. Hüseynqulu xan Süruri-xəlvət çıxıb getdikdən sonra Rəşidülmülk zəngi vurub Mahru xanımı çağırdı, çünki onun yazı işlərini hər gecə Mahru xanım sahmana salırdı. Hələ Mahru xanım otağından çıxıb onun yanına getmədən, nökər daxil olub Kazım Davatgər oğlu ilə Sallax Süleymanın gəldiyini xəbər verdi. Rəşidülmülk onları böyük bir hörmətlə qəbul etdi. Kazım Davatgər oğlu cibindən bir məktub çıxarıb Rəşidülmülkə uzatdı və özlərinin Mirzə Davər xan tərəfindən göndərildiyini danışdı. Rəşidülmülk məktubu oxuyub stolun üstünə qoydu və: – İki nəfəri, bir Əbülhəsənbəyi, bir də onun qardaşı Əsədi, razısınızmı? Hər birisi üçün beş yüz tümən. Dörd yüzünü indi, altı yüzünü də öldürdükdən sonra. Kazım bunu təsdiq etdi: – Biz Mirzə Davər xanla da belə danışmışdıq, lakin gərək həzrət əşrəf bizi tələsdirməsin, çünki bunları öldürmək cücə öldürmək deyildir, gərək elə bir zamanda öldürək ki, nə bizim, nə də həzrət əşrəfin adı çəkilməsin. – Əhəmiyyət verməyin, cənab ağa! Onlar adi adamlardır. Sizə bunu hökumət əmr edir. Hökumət də onların öldürülməsindən ötrü heç kəsi tutub cəzalandırmayacaqdır, öldülər, qurtardı getdi. – Allah həzrət əşrəfin kölgəsini bizim başımızdan əskik etməsin. Həzrət əşrəf çox yaxşı bilməlidir ki, bizim bu xidmətimiz pul üçün yox, ancaq həzrət əşrəfin şərəfini mühafizə etmək üçündür. – Qeyrətinizə qurban. Belədir. Belə də bilirəm. Lazımi vaxtında sizi istədiyiniz vəzifəyə də təyin edərəm, mən sizin dəyərli adam olduğunuzu Hacı Şücaüddövləyə danışmışam. Onun özü də sizə əhəmiyyət verməyi mənə tapşırmışdır. Bundan sonra sərdar Rəşid sandıqları çağırdı, dörd yüz tümən gətirilməsini əmr etdi. Gecə saat birə işləyəndə Sallax Süleyman və Kazım Rəşidülmülklə vidalaşıb getdilər. Bir neçə dəqiqədən sonra xidmətçi qadın Mahru xanımın qapısını vurub: – Həzrət əşrəf sizi hüzura çağırır, – dedi. Bir neçə dəqiqə keçəndən sonra Rəşidülmülkün böyük çilçıraqlarla işıqlanmış kiçik salonuna qara ipək dona bürünmüş ucaboylu bir qadın girdi. Bu, Mahru idi. O, qara saçlarını açıb dalına tökmüşdü, tüklərinin altından parlaq çöhrəsini salonun o tərəf-bu tərəfinə dolandırır, ulduz kimi parlayan gözlərini ətrafa açaraq, gündüz kimi işıqlanmış salonda irəliləyirdi. Rəşidülmülkün stoluna təzə şərab vermişdilər, o, Mahrunu görürkən ayağa qalxaraq: – Otur, bacım! – dedi və qollarını açıb onu qucaqlamaq istədi. Mahru adəti üzrə geri dönüb salondan dişarı çıxmaq istərkən, Rəşidülmülk qayıdıb öz yerində oturdu, yenə də: – Otur, bacım, otur1 – dedi. – Bu gecə yazı işlərini bir tərəfə ataq. Səni and verirəm ananın qəbrinə, bu gecənin yuxusunu mənə bağışla, otur burada, danışaq, bəlkə, bununla mən bəzi şeyləri unuda biləm. Başını yuxarı qaldır, gözlərini açıb üzümə bax, mən ancaq belə hallarda dünyanın ağırlığını yadımdan çıxara bilərəm. Otur, bacım, sən Allah otur! Mahru gəlib kənar kürsülərin birisində oturdu və yavaşdan dedi: – Siz sərxoşluqla da dünyanın ağırlığını xatırdan çıxara bilərsiniz. Mənə gəldikdə, əksinə olaraq, siz sərxoş olduğunuz zaman dünyanın ağırlığını daha çox hiss edirəm, çünki daima belə zamanlarda siz məni rahatsız edirsiniz və ədəbsiz hərəkətlər göstərirsiniz. Rəşidülmülk: – O cürə sözlər lazım deyil, bacım. Dur mənə bir gilas" konyak doldurub öz əlinlə ver! Səndən istəyəcəyim ancaq budur! Səni bir gözəl və nəcib cavana ərə verəcəyəm, bununla həm sən, həm də mənim özüm xoşbəxt olacağam. Rəşidülmülk bu gecə öz cMəhbubəəşsilə həddindən artıq içib keflənmişdi. O özünü bilmirdi. Bir az da içsəydi, tamamilə dünyanın ağırlığı ilə bərabər özünü də unudacaq idi. Buna görə də Mahru xanım bütün gecəni rahatsız olmamaq üçün onu bir daha içirmək və stolun üstündəki kağızları yoxlamaq qərarına gəlmişdi. Buna görə də piyaləni konyakla doldurub tez-tez Rəşidülmülkə verirdi. Rəşidülmülk qızarmış gözləri ilə Mahru xanıma baxaraq: – Mənim ruhum, nə üçün qara geyibsən, bir təziyəmi gözləyirsən? – deyə soruşduqda Mahru heç də düşünmədən: – Xeyr! Bu evdə məhv olan cavanlıq illərimin təziyəsini saxlamışam, – dedi. Mahru başını aşağı salıb oturmuşdu, Rəşidülmüllk isə tez-tez içir və Mahruya müraciətlə: – Başını qaldırıb üzümə bax, – deyir və onun üzünə baxıb oxuyurdu: Meyli gülçidən nədarəm, Bağiban, dərra məbəndl Minişinəm guşeyi Gülra təmaşa mikunəm.İ Rəşidülmülk son piyaləsi əlindəykən yuxuladı. O, başını stolun kənarına qoyaraq, on dəqiqə qədər mırıldandı, sonra xoruldamağa başladı. Mahru ayağa qalxıb Rəşidülmülkün yatıb-yatmadığını yoxladı, o ağırlaşmış bir cəmdək kimi hərəkətsiz düşmüşdü. Buna görə də stolun üzərindəki kağızları araşdırdı, birinci növbədə Kazım Davatgər oğlu və Sallax Süleymanın Mirzə Davər xan tərəfindən gətirdiyi məktubu götürdü: «Həzrət əşrəfin hüzuruna ərz-bəndəçiliyim budur ki, tapşırdığıniz adamları tapıb göndərdim, bunlar mənim xatirim üçün min tümənə razı oldular. Göndərdiklərim onların hər ikisini yerbəyer edə bilər. Bunlara əmin ola bilərsiniz, əllərindən iş gələn igidlərdir. Hər ikisi Təbrizdə məşhurdur. Mirzə Davər xanə. Bu məktubu görəndə Mahrunun varlığı dəyişdi. O, Tütünçüoğlunu bu məsələdən xəbərdar etməyə tələsirdi, lakin gecə idi, bu mümkün deyildi. Mahru bu hadisənin səhərə qədər həyata keçəcəyindən qorxurdu. Mahru sonra da stolun üstündən Rəşidülmülkün öz əxlaqsız sevgilisi Hüseynqulu xan Süruri-xəlvətə verdiyi vəsiqəni götürüb oxudu: €Mən bu vəsiqəni öz sevgili dostum Hüseynqulu xan Süruri-xəlvətə verirəm, o barədə ki, Mahrunu ona verəcəyəm. Nə qədər də Süruri-xəlvət özü məndən ayrılmayıbdır evlənməyəcəyəm. Rəşidə. Mahru vəsiqəni oxuduqdan sonra: – Tfu sənin vicdanına! – deyərək salondan çıxdı. kök Nina Mahrunun gəldiyini pəncərədən gördüyü üçün onu dəhlizdə qarşıladı, Mahru adəti üzrə çarşabını dəhlizdə götürdü. Ninanın qolu qolunda içəri girdi. Təhminə xanım isə onların hər iksini qucaqlayıb öpərkən: – Sizin ikinizə də mənim canım qurban, – dedi. Təhminə xanım Təbrizdə birinci və yeganə qadın idi ki, Nina və Mahru xanımın xalq səadəti uğrunda çalışdığını bilirdi. O, Mahru və Ninanı öz qızları Töhfə xanım və Sənubər xanımdan artıq sevirdi, öz növbəsində onlar da Təhminə xanımı öz anaları kimi sevir, şadlıq və kədərlərini onunla bölüşürdülər. Mahru çarşabını Təhminə xanıma verdi, həmişə olduğu kimi böyük güzgünün yanından keçib öz əndamına baxdıqdan sonra Nina ilə bərabər gəlib mənim yazı stolumun yanında oturdu. Onun qara və dəyirmi gözləri yenə də acıqlı və küskün baxırdı. Onun bir-birinin üzərinə tökülən qara və uzun kirpikləri sanki dünyaya acıq edən göz bəbəklərinin qarşısına dəmirdən hasar çəkmək istəyirdi. Onun nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi. Yanaqlarındakı çuxurluq öz kədərlərinin dərinliyini təsvir etməyə tələsirdi. Onun enli, qara, qalın, eyni zamanda bir-birinə qarışmayan qaşları bir hadisə haqqında düşündüyünü bildirirdi. Mahrunun bütün varlığı, dözülməz çətinliklər qarşısında boyun əyməz, mətanətli, səbirli və ağıllı bir qadın olduğunu göstərirdi. Nina yenə də ona baxıb çox dərin düşünürdü. Şübhəsiz ki, Ninanı Mahrunun gözəlliyi məşğul etmişdi. Nina bir qədər baxdıqdan sonra mənə dedi: – Mən Nina olmasaydım, Mahru olmaqdan şadlanardım. Yüzlərlə roman oxumuşam, lakin mühərrirlərin heç birisi Mahru kimi insanlığın bütün məziyyətlərini özündə mərkəzləşdirən bir qadın surəti yarada bilməmişlər. Mahru xəfif və xəstə bir gülüşlə cavab verərək: – Mən də insanlara səmimi münasibət bəsləməkdə Nina kimi olsaydım, adımı Şərqin məşhur qadınları cərgəsində yazdıra bilərdim, – dedi. Mən: – Mahru xanım, sən onu bil ki, Mahrular Şərqin məşhur qadınlarından daha məşhur, daha şərəflidir, – dedim, – Şərqin məşhur qadınları Şərq xalqının səadəti uğrunda sənin ifa etdiyin vəzifəni ifa edə bilməmişlər. Şərqdə məşhur qadınlığın tarixi, fəqət Mahrularla başlamış olur. Şərqin gələcək qadınları ancaq sənin yolunu davam etdirməklə xoşbəxt olmaq istəyəcəklər. Hazırda sənin çəkdiyin əziyyətlər, bədbəxtlik adı verdiyin işgəncələr gələcək qadınlığın əbədi səadəti üçün bir zəminədir. Səndəki mətanət yalnız qadınlarda deyil, mərd kişilərdə görünə bilər. Mən danışdıqca o da kirpiklərini bir-biri üstünə töküb oturmuşdu. O, yanındakılara hiss etdirməksizin ah çəkirdi. Ata-anasının faciəli ölümünü görən, bütün həyatı kədərlər, qəmlər içərisində əzilən, dünyada şadlığın nədən ibarət olduğunu bilməyən bu alicənab qadını bugünkü qədər qəmgin görməmişdim. Mən ona baxaraq özözümə deyirdim: «Bu qadın qədər mətanətli, səmimi, möhkəm əqidəli, yorulmaz, müstəqil fikirli ola bilsəydim, mən də özümü məşhur adamlar «ərgəsinə yazdıra bilərdimlb Mən sükutu pozmağa çalışdım. Mənə elə gəlirdi ki, sükutun uzun dəqiqələr davam etməsi qızda bir dönüş yaradar, nəticədə də o mənə demək istədiyi sirləri gizlədərdi. Bunun üçün də onun əllərini əlimə alaraq: – Əziz Mahru, hazırda mən sənin həlledilməz çətin bir məsələ qarşısında qaldığını hiss edirəm, – dedim. O, yenə də vüqarla, soyuqqanlılıqla başını qaldırıb: – Elədir, – dedi, – mənim günlərimin hər dəqiqəsi bir hadisədir. Mənim varlığım, təbiri cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi bir şəkil almışdır. Ancaq burada mənim idrakımın irişmədiyi daha bir məsələ vardır. Nə qədər düşünürəmsə, bunu həll edə bilmirəm, bəlkə də, siz bu barədə mənə cava» verəsiniz. – Bilmədiyiniz nə kimi bir məsələdir? O özünü düzəldərək: – Bilmirəm mən hadisələrdən ötrü, yainki hadisələr mənim üçün doğulmuşdur – dedi. – Sizin ikiniz də bir-biriniz üçün doğulmuşsunuz, çünki hadisələr insanlar doğulduğu zaman doğulur. Dünya hadisələr ocağıdır. Biz isə hadisələrə qarşı hadisələr yaratmaq məcburiyyətindəyik. Əziz dostum, sənin özün hadisələr yaratmadınmı? Smirnovun ölüm məsələsi bütün Təbrizdə mühüm bir hadisə deyildimi? – Mənim bədbəxtliyim orasındadır ki, hadisələri öz sevdiyim adamların həyatı üzərində yaradıram. Mənimlə xoşbəxtlik qurmaq istəyənlər mənim səbəbimə bədbəxt olur, mənimlə yaşamaq istəyənlər mənim əlimlə öldürülür. Bunu da bilirəm ki, başqaları bu kədərlərə, bu işgəncələrə davam edə bilməz. Mən isə uşaq zamanımdan bunların içərisində böyümüşəm. Davam edə bilərəm. Lakin mənim səbəbimə fəlakətə düşənlərə acıyıram. Bu fikirlər vicdanımı, ruhumu bürüyür. Doğrusu, bunlar məni olduqca aciz edir. Birisini özüm öz məqsədim uğrunda qurban verdim, o birisini isə sevgim üçün qurban verirəm. Rəşidülmülk Əsədi və sizi öldürmək istəyir. Mahru xanım bu sözləri dedikdən sonra Mirzə Davər tərəfindən göndərilən məktubu və Rəşidülmülkün Hüseynqulu xan Süruri-xəlvətə verdiyi vəsiqəni çıxarıb mənə göstərdi və əlavə etdi: – Baxınız, mən nə gündə və harada yaşayıram! Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. Qızın oradan qurtarması üçün qəti tədbirlər görmədiyimdən utandım. Lakin onu nə cür və hansı vasitə ilə qurtarmaq olardı? Nə qədər fikirləşir və tədbir axtarırdıqsa, yenə də nəticədə Rəşidülmülkü öldürmək lazım gəlirdi. Lakin hələ onu öldürmək vaxtı çatmamışdı. Qıza t səlli verərək: – Səbir edin! – dedim. – Sizi oradan qurtaracağam. Sizin səad tiniz yaxındır. Sizin ailə həyatınızı təmin edəcəyəm. Əsəddən : məndən nigaran qalmayın. Əsəd Kazım Davatgəroğlu və Sal! Süleymandan yüz qat igiddir. Əsəd tək də deyil, arxasında yüzlər qolubükülməz oğlanlar vardır. Bunların hamısı düzələcəkdir. Ta şırdığım məsələ haqqında nə kimi məlumat yığdınız? – Rəşidülmülkün yanına əvvəlkilərə nisbətən çox adam! gəlib-gedir. Lakin nə üçün gəlib-getdiklərini bilmirəm, çünki cürə hallarda içəriyə heç bir kəsi buraxmırlar. Lakin gələnlərd: Soltanüzzakir, Misbahüzzakir, Misgəroğlu və sairələri ilə tez-t görüşürlər. Mahrunun bu xəbərindən bizi şübhə altına qoyan məsələ tam milə aydınlaşırdı. Çar konsulunun dini və mövhumatı canlandırm: üçün düzəltdiyi plan Rəşidülmülkə tapşırılmışdı. Onlar təzə macə düzəltmək istəyirdilər. Söhbətin şirin yerində Məcid gəlib mənə xəbər verdi: – Əmi gəlibdir. Şübhəsiz ki, əmi Tütünçüoğlundan ibarət idi, çünki Ələkbər yc daş tezdən getmişdi, o nahar vaxtına evə qayıtmayacaqdı. Buna gö də Nina Əsədi içəri çağırmaq üçün dişarı çıxdı. Mahrunun bu x bərdən vəziyyəti dəyişdi, üzündə şadlıq göründü. Lakin o utanırc Bizim yanımızda onlar bir-birləri ilə danışmır və yaxın oturmurdul: Nina hələ qayıdıb gəlmədən Mahru Təhminə xanımı çağırıb, nə 1 onun qulağına pıçıldadı. Bir azdan sonra Təhminə xanım Ninan şallarından birisini gətiribi onun başına saldı. Əsədlə Nina otağa daxil oldu. Əsəd oturmadı, qapının yanını ayaq üstündə durdu. Mən onu çağırdım: – İrəli gəl! Mahrunun əlini sıxıb otur. Danışmalı sözbətim vardır, – dedikdə Əsəd gəlib Mahrunun əlini sıxdı və keçib oturd Mən onlara müraciət edərək: - Siz artıq bir-birinizə yad deyilsini yoldaşlıq və ailə düşüncənizin təzə doğduğuna baxmayaraq, mə lək və əqidə yoldaşlığınızın tarixi çox uzundur – dedim. – Köhı adət və ənənələri tamamilə buraxın, yoldaş kimi oturun, dərdlər nizi. şadlığınızı bölüşdürün. Mahru xanım bizim ailəmizə on birin illərdə daxil olmuşdur. Bizim ürəklərimiz birdir, dərdlərimiz, şa lığımız da birdir, biz ayrılmaz yoldaşlarıq, ailə yoldaşlığı isə yoldaşlığı daha möhkəm edir və bizi biri-birimizə daha da sıxı s rətdə bağlamış olur. Tütünçüoğlu danışmırdı, ancaq mən danışırdım, lakin bu iki se gili bizim yanımızda bir-birinə baxmırdı və özlərinə aid bir kəlr də olsa danışmırdılar. Mən həm onlarla danışır, həm də bu iki gər bir-biri ilə müqayisə edirdim. Mən qadınlarda mövcud olan sev xüsusiyyətlərini izah etmək üçün yersiz və köhnə fəlsəfəçilik ç xurlarında bir çox zaman qurdalanmışdım, lakin yenə də qadın q: bini öyrənə bilməmişdim. İndi isə Mahru və Tütünçüoğlunu müq yisə etdiyim zaman yenə də köhnə fəlsəfəçilik fikri mənim yaxa: dan tutub o tərəf-bu tərəfə çəkirdi. Öz-özümə deyirdim: 4Bu gözəl, mətanətli, vüqarlı və qəhrəm: lara məxsus qəlbə malik olan qız Tütünçüoğlunun nəyini və nə ki xüsusiyyətlərini sevir?ə? Qız bu gəncin igidliyini sevirsə, haqlıdır, çünki Tütünçüoğlun qəhrəmanlığını bilən yalnız mən deyildim, onu İran inqilabında tirak edən minlərlə adam tanıyırdı. Tütünçüoğlunu tanımaq üç Səttar xanın dediyi söz kifayət edərdi. Səttar xan Əmirxaizin höl mət qoşunu tərəfindən mühasirəyə alındığı gün: «Dalımda Tütün oğlu kimi iyirmi nəfər inanılmış və qəhrəman adam olsa böyük ordunun qabağından çəkilmərəm? -— demişdi. Hərgah Mahru 7 tünçüoğlunu bundan ötrü sevirsə, haqqı vardır. Tütünçüoğlu bü Təbriz mücahidləri içərisində yeganə bir gəncdir ki, öz bombas sıx dəstələrlə gələn düşmən içərisinə atdığı zaman diksinməz gözünü qırpmazdı. Kim bilir, bəlkə də, Mahru onu gözəl və yaraşıqlı bir gənc duğu üçün sevirdi, çünki o hər cəhətcə gözəl idi, onu hər bir qa bir kişi kimi sevə bilərdi. Lakin onun başqa kişilərə nisbətən bir: müsbət cəhətləri də vardır. O, olduqca soyuqqanlıdır, bəzi qəh manlar kimi əsəbi deyildir, gördüyü iş üzərində düşünərək çalı. Tütünçüoğlunun müsbət cəhətlərindən biri də daim səhv etməm: çalışması idi. O, inqilab günlərində xalqın həyatını öz həyatın daha qiymətli bilirdi. Tütünçüoğlunun varlığında qoyulmuş tox onun ən seviləcək cəhətlərindəndir. Mən döyüş günlərində ondakı bu cəhətləri bir çox zaman təcrübədən keçirdim. O, Maralan və Göy Məscid səngərlərinin qabağında gedən müharibələr zamanı səngərlərin qarşısında tökülən yüzlərlə düşmən meyitlərinin üstündəki zənginliyə əsla etina etməz və bəzi acgözlər kimi qızıl və gümüş axtarmazdı. O, ac günlərdə belə öz toxluğunu göstərməyə və mücahidləri də buna öyrətməyə çalışardı. Hərgah Mahru bu cəhətlər üçün Tütünçüoğlunu sevirsə, o, ən ağıllı və xoşbəxt bir qadın sayıla bilərdi. Lakin bütün bu saydıqlarım xüsusiyyətlərə baxmayaraq, qadın sevgisinə təkan verə biləcək səbəbləri öyrənmək çox çətin idi. Buna nə ruhiyyat alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi, çünki son vaxtlar mənə aydın oldu ki, ruhiyyat alimləri və başqasının ruhunu, başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və öz dəruni xüsusiyyətləri ilə ölçürmüşlər. Onlar öz nəzəriyyələrində insanın hər birinin bir cür xasiyyətə malik olduğunu və bir-birinə oxşamadığını tamamilə unutmuşdular. Bunun kimi fəlsəfəçilərin özü də həyat və sevgi fəlsəfəsini öz həyatı və orqanizmi ilə ölçmüş və özündəki xüsusiyyətləri başqalarının orqanizminə tətbiq etməyə çalışmışdır. Mən Ninanı tanımaq və onun xüsusiyyətlərini öyrənmək işində özümdə mövcud olan xüsusiyyətləri əsas olaraq aralığa tökür və onun içərisindən Ninanı axtarırdım, halbuki Ninanı Ninada aparmaq və Ninadan öyrənmək lazım idi. Mən bu neçə illərin ərzində onu öyrənə bilmədiyim kimi, Mahrunu də öyrənə bilməmişdim. Buna görə də Tütünçüoğlunu nə cəhətə sevməsi üzərində düşünməyi artıq görüb, əsas məsələ üzərinə keçərək Əsədə dedim: – Əsəd, bu gün Mahru xanımın gətirdiyi xəbərlər göstərir ki, səni bir təhlükə təqib edir. Rəşidülmülkün tapşırığına görə, Kazım Davatgəroğlu və Sallax Süleyman səni və məni öldürmək xəyalındadır. Bu gündən etibarən ehtiyatlı olmalısan. Bu barədə özümüz birlikdə oturub məsləhətləşərik. uk: Mən Hacı Səməd xanın xəstələndiyini eşitmişdim. Təbiidir ki, bu xəstəlik fiziki xəstəlik deyildi, o, hər zaman İranın Rusiya və İngiltərə siyasətində mühüm bir dəyişiklik olduğu və özünün mövqeyi təhlükə qarşısında qaldığı zaman xəstələnməyə adət etmişdi. Bu günlər vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsi məsələsi yenə də dillərdə gəzirdi. 1914-cü ilin iyunundan başlamış bu məsələ dünya müharibəsi nəticəsində təxirə düşmüşdürsə də, o yenə də Tehran hökumətinin zehnindən silinməmişdi. Hacı Səməd xan, vəliəhdin Təbrizə rusların razılığı ilə gəldiyini və Rəşidülmülkün də ona müavin təyin edilməsi təklifinin ruslar tərəfindən irəli sürüldüyünü də gözəlcə bilirdi. O, uğrunda bütün vicdanını qurban verdiyi çar hökumətinin bu vəfasızlığına qarşı özünü təhqir edilmiş kimi hesab edir və xəstələnirdi. Mən axşam saat on birdə Hacı Səməd xanın səhhətini soruşmaq bəhanəsi ilə onun yanına gedirdim. Mən təzə hadisələr və təzə ma- «əra hazırlıqları barəsində ondan bir şey əldə etməyi düşünürdüm. Buna görə də onu evində tək yaxalamaq üçün gecə saat on birdə getməyi münasib görmüşdüm. Evdən faytona oturub Nizamüddövlə bağına gedincəyə qədər küçələrdə bir nəfər də olsun rastımıza çıxmadı, zatən bu adət İran şəhərlərinin hamısında mövcuddur, çünki şəhər küçələrində fənər yandırılması adət deyildi, şəhər idarəsinin sistemində şəhərin işıqlandırılmasına dair heç bir maddə də yazı!mamışdır. Buna görə də gecələri bir tərəfə getmək istəyən varlı və aristokratiya öz evində dörd-beş nəfər fənərçi saxlamağa məcburdur. Adi adamlar isə bir tərəfə getdiyi zaman mütləq əlində fənər götürməlidirlər. Xüsusən payız zamanları, Təbriz küçələrindən gecələr keçmək daha da çətindir. Küçələrə daş döşənmədiyindən yağış və qar suyundan dolmuş gölməçələr, gecə küçəyə çıxanlar üçün böyük bir təhlükə yaradır. Təbriz küçələri Qafqaz şəhərlərində olan küçələrə bənzəmir, çünki Qafqaz şəhərlərinin küçələrində fənər yanmayan zamanda da gecələri gəzmək mümkündür, çünki evlərin pəncərələri hər yerdə küçələrə baxır, pəncərələrdən küçələrə işıq düşür. İran şəhərlərində küçələr və binaların quruluşu tamamilə başqa cürdür. Şəriət və mövhumat iranlıları gecə pəncərə işıqlarından istifadədən də məhrum etmişdir. Şərq şəhərlərində, xüsusi olaraq Təbrizdə hərəmlərdə və ailələrdə yaşayan qadınların naməhrəmə kişilərə baxmaması üçün evlərin birində də küçəyə pəncərə qayırmamışlar. Buna görədir ki, içərisi ccənnəbə kimi təriflənən Şərq evlərinin bayırı palçıq hasarlardan ibarətdir. Buna görədir ki, palçıq hasarlar içərisində çürüyən Şərq qadınlığı hələlik təbii bir sərvət kimi torpağın içərisində qalmaqdadır. Son gecələr isə xalqın küçələrə çıxa bilməməsində başqa səbəblər də var idi. Payızın son günləri idi, isti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları artıq bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi. Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı. Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəlmiş bir məqbərənin bacası kimi qəmgin-qəmgin baxırdı. Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan dumanlar qədər insana qəmginlik verirdi. Şərq xalqının müqəddəsləri dəfn edilən və hazırda siğəxanaya çevrilən məqbərələrin bacasından görünən sönük və şübhəli işıqlar, Şərq nağıllarında göstərilən qırx həramilər (yol vuranlar) məkanının qorxulu təsirlərini verirdi. İnsan vücudlarını yeyən məhlə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi. Nizamüddövlə bağına, Təbriz xalqını qanlarda boğdurmuş canavarın yuvasına və minlərlə nahaq ölümün fitvası çıxan qapıya yetigirdik. Qaranlıqlarla əhatə edilmiş bağın qapısında yanan lampa (Min bir gecəə hekayəsinin cadugər qadını Dəlilə Müxtalənin çar- .ab altından baxan hiyləgər gözləri kimi işıldayırdı. Fayton dayandı. Atlar dərin bir nəfəs alaraq öskürdü, silkələnərək gölməçələrdən üzərinə sıçramış palçıqları tökdü: Hacı Səməd xanın adamları irəli gəlib əllərindəki fanarlarla bizi yoxladılar, adımı soruşdular, çünki telefonla valinin səhhətini soruşmaq üçün gəldiyimi evdən çıxdığım zaman bildirmişdim: onlar məni içəri buraxmaq üçün icazə verildiyinə baxmayaraq, yenə də gedib keşikçibaşıya xəbər verdilər. Keşikçibaşı iki nəfər silahlı adamla əllərində fənər bağdan bayıra çıxıb faytona tərəf yanaşdı və gecənin adını xəbər aldı. Mən gecənin adını dedikdən sonra keşikçibaşı əlini döşünə qoyaraq: – Cənab ağa buyura bilər! – deyib yaltaqcasına yol göstərdi. Bağa daxil olduq. Mən həmişə bu bağa girdiyim zaman özümü fəna hiss edərdim, bu bağ özünün gözəlliyinə baxmayaraq, öz görünüşü ilə insana bir bağdan alınan zövqü yox, Şərq zindanlarına məxsus inkvizisiya məhəllinin təsirini verirdi. Mən balkona çıxdığım zaman Məmmədəli şahın mərsiyəxanı, məşhur Təbriz əks-inqilabçısı, Sultanüzzakirinin də Hacı Səməd xanın yanından çıxıb getdiyini gördüm." İçəri daxil oldum. Hacı Səməd xan əyninə xalat geyinmişdi, başında isə tirmədən tikilmiş gözəl və qiymətli bir şəbkülah vardı. O məni görən kimi özünü şad göstərməyə çalışdı və əlimi sıxdı, oturmaq üçün icazə verdi, oturdum, özü də əlini belinə söykəyib, doğrudan da, bir xəstə kimi əyləşdi. Hacı Səməd xan mənim balkonda Sultanüzzakirinə rast gəldiyimi bildiyindən, söhbəti birinci olaraq buradan başladı: – Yaxşı adamdır, lakin ehsan və hədiyyə istəməyin vaxtını bilmir, – dedi. Bununla Hacı Səməd xan çar casusu olan bu mərsiyəxanın ancaq ehsan istəmək üçün gəldiyini bildirməyə çalışırdı. Mən də bunun cavabında: – Xatirini çox istəyirəm, lakin ehtiyac içərisində olduğunu bilmirdim, – dedim. – Bilmiş olsaydım, bu cürə xırda işlərdən ötrü həz- I Sultanüzzakirin Təbriz əks-inqilabında birinci rolu oynamışdır. Səttar xan 1909-cu ildə qalib gəldiyi zaman o, Qafqaza qaçmışdı. İnqilab boğulandan sonra bu mərsiyəxan da Hacı Səməd xanla bərabər Təbrizə girmişdi. rət əşrəfə əziyyət verməsinə razı olmayıb, özüm onun ehtiyacını təmin edərdim. Hacı Səməd xan sözlərimdən razı qalan adamlar kimi özünü düzəltdi və: – Qədrdan adamları, məmləkətin qeydinə qalanları çırağ götürüb qapı-qapı axtarıram. Sizin səlamət bir əqidə daşıdığınız mənə məlumdur, yer bilən və şəxsiyyətlərə fərq qoya bilən adam olduğunuz üçün cənabınızı həddindən artıq sevirəm. Lakin iranlıların hamısı sizin kimi yaxşı-yamanı tanıyan adamlar deyil. Onlar vədə aldanan, hətta nisyə və xəyala sığışmayan nisyə vədlərə inanan adamlardır. Bu sözlər, Hacı Səməd xanın dərdli adam olduğunu və özünü ələ ala bilmədiyini göstərirdi, buna görə də onun yarasını deşmək və qəlbindəkiləri şərh etdirmək qərarına gələrək dedim: – Hərgah beş-on nəfər şəxsi-qərəz sahibləri həzrət əşrəfin vücudunu Azərbaycan xalqı üçün səadət bilmirsə, minlərlə adamlar vardır ki, özünün və məmləkətin səadətini həzrət əşrəyin varlığında görür. Həqiqətdə bəndənin özünü götürmüş olsanız, doğrudan da, mən həzrət əşrəfin xəstələndiyini İrana üz verən bir bədbəxt hadisə kimi hesab edirəm, bunun üçün həzrət əşrəfin səhhəti barəsində hər şeydən artıq düşünürəm. Hacı Səməd xan qalxıb dodaqlarımdan öpdü. – Bərəkallah! – dedi. – Bunu mən iki ildir ki, hiss edirəm. Lakin mənim zəhmətlərimə qiymət qoymurlar, mənim qapımın dabanını çıxaranlar, mənim kölgəmdə, mənim ehsanım ilə yaşayanlar, indi dəlləyin oğlunun qapısına yığılıb onu həzrət əşrəf" deyə çağırırlar. – Mən bunun səbəblərini yenə də öz dostumuzda, cənab general konsulda görürəm. Mən bilmirəm onlar Rəşidülmülkü hansı nüfuzu səbəbinə irəli çəkirlər? O, Ərdəbil hakimi olduğu zaman belə bir iş görə bilmədi. İranda Rəşidülmülkün səsinə kim səs verər?l Lakin bu gün əmr verərsəm Qaplan-kuhdan” Həmədan, Xalxal, Qaradağ və Kürdüstana qədər bütün qəbilələr öz atları ilə Təbrizə yığışar. " Hacı Səməd xanın müavini Rəşidülmülk və sonralar sərdar Rəşid adlanan adam əvvəlcə dəllək şagirdi olmuşdur. «Həzrət əşrəfə ləqəbi İranda ancaq vəzirlərə verilən ləqəbdir: son zamanlar təbrizlilərin yaltaqlıq sevən bir qrupu Səməd xanı və Rəşidülmülkü «həzrət əşrəf? deyə çağırırdılar. 7 (Qaplan-kühə - İranda azərbaycanlılarla farslar yaşayan vilayətlərin sərhəddində yer adıdır. Təbrizlə Tehran arasındadır. Hacı Səməd xan sözünü bitirdikdən sonra yenə də mən: – Doğrudur, həzrət əşrəf! Onun nüfuzu yoxdur, lakin hazırkı zamanda nüfuzu şəxsiyyətlərin fəaliyyəti və xalqın haman şəxsiyyətə olan məhəbbəti yaratmır. Hazırda müəyyən adamlar üçün nüfuzu süni olaraq müəyyən bir qrup, bir zümrə yaratmış olur. Rəşidülmülk də bu qəbil adamlardandır, lakin süni və müəyyən bir zümrənin tərəfindən yaradılan və şəxsiyyətin özü ilə əlaqədar olmayan nüfuz, yenə də başqa bir zümrənin vasitəsilə məhv edilə bilər. Həzrət əşrəfin dostları Rəşidülmülkün süni bir nüfuza malik olduğunu xalqa tanıtdırmaq işində aciz deyil, biz hər işi bacara bilərik. Lakin hələlik Azərbaycanın vəziyyəti bunu tələb etmir, məmləkət hərec-mərclikdir, xüsusən müharibə zamanıdır, müharibənin həzrət əşrəfin məmləkətinə sirayət edəcəyi qorxusu da vardır. Buna görə bizim birlik yaratmağımız lazımdır. Xüsusən biz cənab general konsulun Rəşidülmülkü nə kimi bir məqsədlə nüfuz sahibi etmək istədiyini də bilmirik. Bəlkə də, bizim Rəşidülmülkə qarşı hərəkətimiz müttəfiqimiz olan Rusiya dövlətinin ümumi siyasətinə də toxuna bilər. Lakin hər şeydən əvvəl, bunu da həzrət əşrəfə ərz etməliyəm ki, Tehranda heç vaxt Rəşidülmülkün Azərbaycan valisi olmasına riza verməzlər. Hacı Səməd xan məni çox diqqətlə dinləyirdi. Sözlərim onu qənaətləndirmişdi, lakin son cümlədən sonra başını qaldırıb: – Dediklərinizin hamısına şərik oluram, – dedi, – lakin Tehran hökumətinin Rəşidülmülk hökumətinə razı olmaması barəsindəki fikrinizə şərik deyiləm! Tehran və Tehrandakılar kimdir? Süpəhdar və Eynəddövlə, Fərmanfərma, Müstafilmülk, Səliddövlə kimdir? Onların nə kimi bir nüfuzu vardır?l Onların hansı birisində Rusiya və İngiltərə siyasətinə qarşı çıxmaq üçün cəsarət vardır? Onların hamısı ingilis və rusların cirəxorları deyilmi?1? Hacı Səməd xanı çox silkələdim. Qəlbinin torbasını yoxlamaq üçün çalışdımsa da o, bir sirr vermədi. Onların təzə macəraya hazırlaşdıqları barəsində bir şey öyrənə bilmədim. I Süpəhdar, Səliddövlə, Fərmanfərma və sairlər Tehranda baş vəzirliyi növbətlə ələ gətirən adamlardır. . 2 Cirəxor – ehsan yeyən deməkdir, çünki Fərmanfərma və Süpəhdar Rusiya ləhinə işləmək üçün Rusiyadan müəyyən paralar alırdılar. O mənim dediklərimi təsdiq etməyə bilməzdi, çünki onun Rəşidülmülkə qarşı bütün hərəkəti özünün konsul yanında olan nüfuzunu öldürə bilər, bəlkə də, özünün süqutu barəsində çəkilən planları tələsdirərdi, o, bu düşüncələrlə də əsəbiləşmişdi. O, Rəşidülmülkə qarşı heç bir iş görə bilmədiyindən acizləşmişdi. Onun cəlladlara məxsus qana həris gözləri qızarmağa və qan tələb etməyə başlamışdı. Onun duruşu 11-ci ilin məhərrəm ayındakı faciələri yada salırdı. Onun uzun sallaq bığlarının hər bir tükü dar ağacından asılan bir kəndir kimi gözlərimdə canlanır və məni iyrəndirirdi. Bu tüklərdən inqilabçı Siqqətülislam, Təbriz inqilabı rəhbəri Hacı Əli davafüruş, Sadiqilmülk, Şeyx Səlim, qəndfüruş Məşədi Abbasəli və Əli Müsyönün gənc, inqilabçı oğlanları asılırdı. Mən bu cəlladı əsəbiləşdirməməli idim, çünki o, daim əsəblərini bir neçə nəfəri öldürmək və ya ağır cəzaya düçar etməklə sakitləşdirərdi. O, daim öz mövqeyinin laxladığını hiss etdiyi zaman zindanındakı günahsızları gətirib gözü önündə döyürlər, əlini, qulağını və ya başqa bir əzasını kəsdirər, yaxud da bir neçəsini çılpaq halda buzlu hovuzun içərisində döydürər, bununla da öz əsəblərini sakit edərdi. Hacı Səməd xan bu məqsədlə də, ümumi həbsxanada olan dustaqlardan gündə bir neçəsini Nizamüddövlə bağında düzəlmiş xüsusi həbsxanada saxlar və gecələri yata bilmədiyi və əsəbiləşdiyi zamanlarda onlardan bir neçəsini cəzalandırdıqdan sonra sakit olub yatardı. Təbriz xalqı Nizamüddövlə bağının adını əbəs yerə «Nizamüddövlə qəssabxanasıb qoymamışdı. Bu bağın ağacları Təbriz inqılabçılarının qanları ilə suvarılırdı. Burada kəsilən başları görməmək üçün qızılgül qönçələri üzünü açmaz, bülbül isə məzlumların iniltisini eşitməmək üçün bu bağın ətrafında dolanmazdı. Hacı Səməd xan məni buraxmadı, şam yeməyinə saxladı. Lakin mən qalmaq istəmirdim, çünki o, acıqlı idi, onun bir nəfərə cəza verməsi, ya aşpaz, ya əl suyu gətirəni, yainki qəlyan verəni və ya çay tökəni cəzalandırması şübhəsiz idi. Lakin başqa bir cəhət üçün mənim orada şam yeməyinə qalmağim məsləhət idi. Bəlkə də, mən burada olduğuma görə o özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdi. Onun əlləri titrəyirdi, onun bığları qaplan bığları kimi şişlənirdi. Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. Bəzən o, zəhərli bir gürzə kimi fısıldayır və qıvrılırdı. Qəlyanı və mənim qarşımda olan boş stəkanı gəlib apardılar. Hacı Səməd xan aşpazın hüzura gəlməsinə əmr verdi. Bir dəqiqədən sonra aşpaz içəri girib əlləri döşündə ikiqat oldu və heç bir söz demədən durub mat-mat baxmağa başladı. Aşpazın gözü cəlladın dodaqlarında idi. Onun göz bəbəklərinin titrəməsi, göz qapaqlarının kirpik çalmadan quruyub qalması da bir qorxu intizarında durduğunu göstərirdi. Hacı Səməd xan soruşdu: – Əziz qonağa layiq şam yeməyinə nəyin vardır? Aşpazın dili açıldı, bişirdiyi xörəklər haqqında məlumat verməyə başladı: – Fisincan plov, badımcan plov, bozqovurma plov, taskabab plov, zəfəranlı-zirəli plov, döşəmə plov, aşırma plov, toyuq plov, cücə plov, kələm dolması, soğan dolması, badımcan dolması, yarpaq dolması... Hacı Səməd xan aşpazın sözünü kəsdi və: – Yetər, – dedi, – bu saydıqlarından bizim üçün hansı birisini layiq bilirsən? Aşpaz yenə qorxa-qorxa, dili dolaşa-dolaşa danışdı: – Həzrət əşrəf və cənab sərkar üçün quzu plovu məsləhət görürəm. – Get, sonra da nəyi məsləhət görürsən, gətir, əl suyunu göndər! Aşpaz şad bir surətdə, şirin qabağından nicat tapan bir qoyun kimi qayıtdı. Əl suyunu gətirdilər, onlar da salamatcasına vəzifələrini bitirib getdi, süfrə döşəyənlər də bir cəza almadan bayıra çıxdılar. Xörəklər iki nəfərə yox, lap on nəfərə də kifayət edərdi: cəllad çox az yeyirdi, bir qədər quzu əti ilə düyü yedikdən sonra bir az mürəbbələr ilə qurdalandı, sonra da ətirli şərbətlərdən içdi. Başını xörəklərin xonçasına əymişdi, əlini nimçənin üzərində saxlayıb, mənim doymağımı gözləyirdi. Şərqdə kübar məclislərində belə bir adət vardır: ən hörmətli və csərsüfrəp. adlanan zat başını məcməyidən qaldırdıqda bütün süf- Iı Sərsüfrə – yəni süfrənin başında oturan hörmətli şəxs, İranda sərsüfrə əlini xörəyə uzatmamış heç kəsin xörəyə əl uzatmağa ixtiyarı yoxdur. Elə də xörəkdən qalxdığı zaman hamının qalxması lazımdır. rədə oturanlar əlini xörəkdən çəkməli və belini düzəltməlidir. Buna görə də sərsüfrələr başqalarını yeməkdən məhrum etməmək üçün özünün doyduğuna baxmayaraq, belini düzəltməz. Mən Hacı Səməd xanın doyduğunu görüb, əlimi saxlayıb durdum, o isə bunu hiss edərək: – Əlhəmdülillah! – deyərək belini qaldırdı, qapının qabağında duran xidmətçilər isə gəlib məcməyiləri apardı, mən yenə də aşpazin və xidmətçilərin cəzasız qalacağına təəccüb etdim. Lakin sonradan yadıma düşdü ki, bu gecə cümə axşamı idi, ümumiyyətlə, Şərq hökmdarları və Şərq feodalları cümə axşamları heç kəsi cəzalandırmazlar. Mən gecə saat dörddə Hacı Səməd xanın avtomobili ilə evə qayıtdım. * * * Evdə hamı oturub məni gözləyirdi. Balaca Məcid belə məndən nigaran qalmışdı, çünki Nizamüddövlə bağına gedənlərin, hər kəs olursa-olsun, haqqında nigaran qalmamaq və narahat olmamaq mümükün deyildi. Onlar məni şam yeməyi üçün də gözləmişdi. Gecə saat beşdə ulduzların şəfəqi söndüyü və dan ulduzu parlamağa başladığı vaxt biz də: «Gecəniz xeyrə qalsın», – deyə Ninadan və Məciddən ayrılıb Ələkbər yoldaşla bərabər yatmağa getdik. Lakin mən bir dəqiqə də olsun yatmadım. Təbrizdə başlanmış təzə macəranı öyrənmək üçün nə qədər düşünürdümsə, yenə bir çarə tapa bilmirdim. Mən belə zamanlarda Hüseynəli əmi və yainki onun arvadı Səriyyə xala ilə vaxtımı keçirər və fikrimi qismən dincəltmək istərdim. Yerimdən qalxdım, yuyunub həyətə çıxdım. Nazik qar düşmüşdü. Hüseynəli əmi əlində süpürgə qarları təmizləyir və alnının tərini silirdi, yorulmuşdu. Nədənsə bu gün Səriyyə xala da onun köməyinə gəlməmişdi, çünki hər gün həyəti yığışdırıb yorulduğu zaman, Səriyyə xala gəlib onun əlindən süpürgəni və kürəyi alıb işə məşğul olar, Hüseynəli əmi isə çubuğunu doldurub çəkməyə başlardı. Hüseynəli əmi məni görən kimi adəti üzrə gəlib: – Sabahınız xeyir! – dedi, – Nə üçün belə tezdən durdunuz? Ge- «əni də ki, çox gec gəlmişsiniz. – Bəli, Hüseynəli əmi, yuxu məni aparmadı. O bu sözlərdən sonra süpürgəni divara söykədi, həmişə olduğu kimi qurşağından asdığı və ucunu arxalığının cibinə saldığı qısa çubuğunu çıxardı. Əvvəlcə çox ehtiyatla çubuğun başından məftil badgiri" götürdü. Çubuğun başından nazik bir zəncir vasitəsilə asılmış olan dəmir mili götürüb çubuğun başını qurdaladı, yanıq tənbəkini onun ucu ilə təmizləyib yerə tökdü, sonra çubuğu bərkdən piləyib nəfəs verib-verməməsini yoxladı və belindəki göy rəngli dəsmal ilə çubuğun özünü və başını o ki lazımdır təmizlədi. Çubuğu sağ tərəfindən asılmış tənbəki kisəsinə salıb bir-iki kərə o tərəf-bu tərəfə dolandırdı, çıxarıb barmağı ilə bərk-bərk basdı və sivirib artıq tənbəkini kisəyə tökdü, yenə də dartıb kisənin ağzını bağladı və yanına buraxdı. Mən oturub diqqətlə tamaşa edirdim. Çoxdan bəri buna adət etmişdim. Nədənsə o öz çubuğunu kibritlə yandırmazdı. O, çubuğu hazırlayıb divara söykəmək istədiyi zaman mən alıb saxladım, çünki bəzən o çubuğu divara söykədiyi zaman çubuğun dağıldığını görmüşdüm, bu kimi hallarda Hüseynəli əmi çubuğu təzədən doldurmaq üçün yarım saat artıq vaxt sərf edirdi, bu isə onun çubuğa olan marağını söndürürdü. Çubuğu saxladım, o əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı və yanından asılan dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı, çubuğun başına qoydu, tənbəkinin üstünə oturması üçün yastı bir dəmirlə də basıb sonra badgiri üstünə taxdı və kamal-ləzzətlə nəfəs vurmağa başladı. Mən ona sual verdim: – Hüseynəli əmi, nə üçün çubuğunuzu kibritlə yandırmırsınız? – Çünki kibrit tənbəkinin ləzzətini aparır, bir də budur ki, kibrit müsəlman əlindən çıxmır. Nina da bizim səsimizi eşidərək, isti paltarını geyinib həyətə çıxdı və çıxan kimi də Hüseynəli əmiyə belə bir sual verdi: – Bəs Səriyyə xala hanı? Nə üçün bu gün sizə kömək etməyə çıxmamışdır? Hüseynəli əmi bu sualdan güldü və mənim üzümə baxdı. O, sanki bu baxışla mənə sual verirdi, çünki o, çox baməzə qoca idi, zarafat etməyi və lətifə söyləməyi çox sevərdi. Mən onun nə məqsədlə gülüb, mənə baxdığını hiss etdim və göz işarəsi ilə «başla) dedim. Nina onun təxirini görərək bir daha sual verdi: – Yəqin ki, onu çox sevirsiniz, onun üçün də çox yatıb rahat olmasını istəyirsiniz, belədirmi? – Bəli, belədir, özünü yox, yatmasını sevirəm. O durub mənə kömək edəndə yalnız əllərim dincəlir, amma yatıb səsi çıxmadığı zaman bütün bədənim, fikrim, ruhum da dincəlir. Onun üçün də deyirəm qoy yatsın, onlar bundan ötrü də yaranıblar. – Görünür ki, aranızda bir ixtilaf çıxıbdır. – Yaxşı, arvadın özü başdan-ayağa ixtilaf deyildirmi? Nina yenə də soruşdu: – Bəs nədəndir ki, başqa kişilərlə başqa arvadların arasında ıxtilaf yoxdur? Hüseynəli əmi: – Onların ya ikisi də kişidir, yainki ikisi də arvaddır, – deyə, cavab verdi və sözü özünə xoş gəldiyi üçün bərkdən güldü. Mən onun yaxasından əl çəkmədim: – Deyin görüm, bu gün Səriyyə xala nə üçün həyətə çıxmamışdır? – Bir az dalaşmışıq, – dedi, – xanımın xatirinə toxunmuşam, onun üçün bu gün köməyimə gəlməmişdir, qoy gəlməsin. – Nə üçün dalaşırsınız? Siz ki, mehriban yoldaşlarsınız. – Bəzən arvadlığına salır, özü məni buna məcbur edir, özünə lazım olmayan işlərə qarışır, məni acıqlandırır. – Nə kimi işlərə qarışır? – Xəyalım vardır ki, bu il ağa qulluğuna gedim. – Yoxsa bu ağanın xidmətindən çıxıb başqa ağanınmı yanına getmək istəyirsiniz? Məncə, bu yaxşı iş deyil, Məşədi Kazım ağa sizi bir xidmətçi kimi yox, özünün ən yaxın bir adamı kimi saxlayır, nə üçün də başqa yerə gedirsiniz? – Yox, siz məni anlamadınız, mən İmam Hüseyn qulluğuna getmək istəyirəm, çünki yaşım keçmişdir. Kərbəla qulağımın dibində ola-ola mən bir dəfə də ziyarətə getməmişəm. Məndən əskikləri bir neçə kərə gedibdir. Elə pinəçi Nəcimi götürəndə dörd kərə İmam Hüseyn, bir kərə də İmam Rzanın qulluğuna gedibdir. Başmaq qoyan Zülfüqarı, təndirçi Kəblə Məhəmmədi, saqqal Qulamı, tabaqçı Qafarı götürəndə hər birisi neçə kərə ağaların ziyarətinə gedibdir. Amma bu zalımın qızı mənim getməyimə mane olur. Nə var, nə var ki, qışdır, sənə soyuq dəyərə. Siz Allah, heç bunun sözə dəxli var? – Hüseynəli əmi, qış zamanı yola çıxmağınızı mən də məsləhət görmürəm. Səriyyə xala haqlıdır. Qoca adamsan, gedərsən, yolda soyuq dəyər, başına bir iş gələr. İndi ki, pulun vardır, ziyarətə də getmək istəyirsən, saxla yaxşı bir vaxtda get. Hüseynəli əmi güldü: – Mən isti düşəndə iyirmi tüməni haradan tapıb ziyarətə gedə biləcəyəm? – Bəs qışda haradan tapacaqsan? – Eşitmişəm ki, Kərbəlaya gedənlərə pul verirlər. – Ola bilməz, Hüseynəli əmi! – Hər şey ola bilər. İmam əleyhüssəlamın səfayi batinindən nə üçün də ola bilməsin? – Doğrudur! İmamın dövlətindən hər şey ola bilər. – Belə hal İndi ki, ola bilər, daha nə üçün şəkk gətirirsiniz? Bir çoxları öz yol xərcliyini alıb, yol başmaqlarını tikdirib, qumqumasını? alıb yola düşməyə hazırlanır. – Bu pulu harada verirlər? – Onu öyrənəcəyəm. Dünən cümə axşamı olduğu üçün Seyid İbrahim məqbərəsinə ziyarətə getmişdim. Tayqulaq Kəblə Novruza rast gəldim, o dedi ki, bacım oğlu Hüseynqulu, öz gözü ilə Qurbanın 20 tümən ziyarət pulu aldığını görübdür. Mən onlardan naməlum adam deyiləm ki?1 Onlara 20 tümən verəndə mənə 30 tümən verərlər. Özüm mömin adam, bir dəfə olsa da namazımı qəzaya qoymamışam, ömrümdə bir gün oruc yediyim də yoxdur, səkkiz yaşımdan başlayıb Allahın borcunu verirəm. VSu daşıyan. 2 Qumquma - dəmirdən qayrılmış su qabıdır. Kərbəlaya gedənlər onu su ilə doldurub yanlarından asarlar və su çətin tapılan yerlərdə işlədərlər. – Doğrudur, – dedim və Hüseynəli əmi ilə vidalaşıb içəri girdim. Hüseynəli əminin sözlərindən qəti bir nəticə çıxara bilməsəm belə, Təbrizdə dini bir təşkilatın düzəlməsi haqqında qənaət hasil etdim. Hüseynəli əminin söhbətləri mənə böyük bir xəyanətin izlərini nişan verirdi. Səhər çayı hazır idi, hamı mənim otağıma yığışmışdı, Məşədi Kazım ağa da öz arvadı ilə bərabər çay üçün yağlı çörək və dadlı yeməklər götürüb gəlmişdi. Məşədi Kazım ağa yenicə oturmuşdu, qapının çaxçağı vuruldu, azdan sonra Mahru xanım gəldi. Onun və Məşədi Kazım ağanın arvadının səhər çayında iştirak etməsi yuxusuzluqdan aldığımız kəsaləti tamamilə rədd etdi. Mahru xanımın dediyinə görə keçən gecə Rəşidülmülkün evində Sultanüzzakirin, Misbahüzzakirin, Misgəroğlu Molla Məhəmməd, Hacı Molla Mehdi və sairlərinin iştirakı ilə uzun bir müşavirə olmuş imiş. Mən heç də düşünmədən və fikirləşmədən Məşədi Kazım ağaya müraciətlə: – Sabahdan etibarən öz evlərini lazımınca pərgarlarsan. – Nə üçün? – İmam Hüseyn təziyəsi saxlamağın lazımdır. Məşədi Kazım ağa təəccüblə gözlərimin içinə baxaraq dedi: – Deyəsən axı məni sərimisiniz? – Sənin başın üçün sərimək-zad yoxdur. Gərək elə bir hazırlıq görəsən ki, bütün Təbrizdə misli görünməsin, elə hazırlıq görəsən ki, Hacı Səməd xan və konsula layiq olsun. – Sən öləsən, heç başıma girmir, siz hara, İmam Hüseyn təziyəsi hara? – Sonra bu barədə danışarıq, ancaq siz işinizdə olmalısınız! – Dadaşın canı üçün elə bir cəlal düzəldim ki, Təbriz xalqı o cəlalı vəliəhd təkyəsində də görməmiş olsun. Amma heç də inana bilmirəm... – İnanın, bu mənim üçün lazımdır. Mərsiyəxanlardan Sultanüzzakirin, onun şagirdi Misbahüzzakirin, Molla Məhəmməd Misgəroğlu, Hacı Molla Mehdi və sairlər iştirak etməlidir. Məşədi Kazım ağa Sultanüzzakirinin oxumasına etiraz edərək: – Hələ başqalarına sözüm yoxdur, – dedi, – Sultanüzzakirinin əks-inqilabçı olduğunu ki, bilirsiniz, Misbaha gəlincə, o da Təbrizin məşhur lotusudur, peşəsi sərxoşluq və əxlaqsızlıqdır. Mən əlimi onun çiyninə qoyaraq dedim: – Mənim dostum, insan əks-inqilabçı, lotu, fırıldaqçı əxlaqsız olmasa, mərsiyəxan ola bilərmi? İnsanı ağlatmaq və pul almaq nə deməkdir? Lakin xalqın əleyhinə düzələn böyük bir fırıldağı öyrənmək və ifşa etmək üçün bu fırıldaqçıları bir yerə toplamaq lazımdır. Düzəldəcəyin təziyə məclisi olduqca zəngin və təntənəli keçirilməlidirl * * * İmam təziyəsi Təbrizdə məşhur adətlərdən birisi də evlərdə İmam Hüseyn təziyəsi saxlamaqdan ibarətdir. Lakin bu adət müəyyən adamlar tərəfindən müəyyən məqsədlə davam etdirilir. Məsələn, birisi təzə imarət tikdirmişsə, imarətini göstərmək üçün evində İmam təziyəsi saxlar. Başqaları evindəki zənginliyi nişan vermək məqsədi ilə camaatı İmam təziyəsi bəhanəsi ilə evinə yığar. Məşədi Kazım ağa inqilabdan əvvəl az sərmayəli bir adam idi. İndi isə o, məşhur varlılardan birisi, milyon sahibi idi, milyonların məsələsini həll edirdi. O özünü nişan vermək üçün bundan da əlverişli bir vasitə tapa bilməzdi. Onun bir inqilabçı olaraq İmam təziyəsi saxlaması üçün də kimsə onu məzəmmət etməyəcəkdi. Əvvəla, o, inqilaba şəxsi mənfəəti üçün qoşulmuşdu, ikinci də, onun başqa tacir həmməsləkləri də adlarını demokrat qoyduqları halda din və məzhəb adətlərinin bir çoxunu davam etdirirdilər. Məşədi Kazım ağa özünün beş yüz nəfərlik salonunu və onun yanlarındakı böyük otaqları Saruq, Kirman və Xorasanda toxunmuş zəngin və nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə də o mizanda diqqət vermişdi. Böyük şöhrət düşkünü olan Məşədi Kazım ağanın çalışdığı bir nöqtə varsa, o da Təbrizdə heç əyan və mülkədara məxsus olmayan əntiqə və nəfis şeyləri evinə yığmaqdan ibarət idi. Saksoniyadan gətirilmiş nəfis və zərif lampalar, Londonda sifariş verilmiş yüz şamlı çilçıraqlar, Paris və sair Avropa paytaxtlarından alınmış qablar, məşhur rəssamların oriyinal tabloları və sairəni Mə- şədi Kazım ağanın salonunda görmək olardı. Bütün qabların, lampaların, çilçıraqların, hətta nəlbəkilərin üstündə: «Sifarişi-ümdəttüccar vələazüm ağayi Məşədi Kazım? sözləri yazılmışdı. Bütün qəlyanların üstündə (hər bir iranlının evində olduğu kimi) Nəsrəddin şahın kəşidə və yoğun bığlarını, Müzəffərəddin şahın kobud bumu ilə gödək boynu, Zillisoltanın məğrur gözlərini və Məmmədəli şahın qaba və nahamvar simasını görmək mümkün idi. Məşədi Kazım ağa hər ehtimala qarşı, özünü məşhur cəllad Təbriz hakimi Hacı Səməd xan Şücaüddövləyə dost və tərəfdar göstərmək üçün onun təsviri ilə də bir neçə qəlyan sifariş vermişdi. Qəlyanların üstündə çox gözəl xətlə Hacı Səməd xanın şəklinin ətrafında bu sözləri yazdırmışdı: «Təsviri-binəziri-valiyi-vilayəti Azərbaycan, Əmir-noyan Şücaüddövlə Hacı Səməd xanə. Bu yazılarla bərabər Hacı Səməd xanın sallanmış bığları, tuluqlanmış göz qapaqları və sair bu kimi xüsusiyyətləri də diqqət-nəzəri cəlb edirdi. Məşədi Kazım Hacı Səməd xanın şəklini də Ermənistandakı TƏSsamlara sifariş etdirib böyük bir ölçüdə düzəltdirmiş və salonun yuxarı başında divardan asmışdı. Məşədi Kazım ağa küçə qapısının başında təziyə əlaməti olaraq qara bayraq vurmuşdu. Qara bayrağın üstündə ağ xətlə bu şeir yazılmışdı: cİn Hüseyn kist ki, aləm həmə divaneyi-ust, Vinçi-şəmist ki, canha həmə pərvaneyi-ustə.) Qəlyan və çay gətirmək üçün əlli nəfər xidmətçi qara geyinmişdi, siyahıda göstərilən mərsiyəxanlardan başqa iyirmi nəfər də əlavə mərsiyəxan dəvət edilmişdi. Təziyə məclisinə gələn yoxsulların hər birinə bir qran pul ehsan verilməsi qərara alınmışdı. Hacı Səməd xanın macərasını ifşa etmək məqsədi ilə təziyə düzəltmək doğru bir yol olmasa belə, bunu bərpa etmək üçün bir məcburiyyət də var idi, çünki bütün Təbrizdə təziyə saxlamayan yer yox idi. Bu məsələ bir ənənə şəklini almışdı, biz kənarda qalsaydıq, həm konsulun, həm də Hacı Səməd xanın şübhəsini qazanmış olacaqdıq. Məşədi Kazım ağa minbərin dibində növhə və fərd oxumaq üçün Təbrizin gözəl səsli gənc növhəxanlarını dəvət etmişdi. Hər iş düzəlmişdi, indi isə Hacı Səməd xana və sair hökumət adamlarına dəvətnamələr göndərib təziyə məclisinə dəvət etmək lazım idi. Eyni zamanda Məşədi Kazım ağaya aşpazxanasını düzəltmək və təziyədən sonra mərsiyəxanlardan bəzisinə, o cümlədən Sultanüzzakirinə şam yeməyi vermək işi də tapşırılmışdı, çünki mərsiyəxanların bir qarın plova ən böyük sirləri satacaqlarını bilirdik. Hacı Səməd xana belə bir dəvətnamə göndərilmişdi: «Həzrət əşrəfdən rica olunur evimizdə saxladığımız həzrət Seyyidüşşühəda təziyəsini rövnəqləndirmək üçün bu ayın 14-də axşam saat səkkizdə bəndəxanəmizə təşrif buyursunlar. Xeyirxahı-vətən Əbülhəsənə. Fəxri dəvətnamələrdən bir çox əyanlara və tacirlərə göndərdiyimiz kimi, çar konsulxanası və mütərcimlərindən Mirzə Ələkbər xan və Mirzə Fətulla xan üçün də göndərmişdik. Biz Hacı Səməd xanın Rəşidülmülkü görəcək gözü olmadığını bilirdik, buna görə də Hacı Səməd xanın icazəsi olmadan ona dəvətnamə göndərməməyi qərara almışdıq. Əvvəlinci gecə Hacı Səməd xanın iştirak edəcəyini bilərək Təbrizin ən mürtəce, ən müstəbid əks-inqilabçı mərsiyəxanları oxuya- «aq idi. "Təbriz təkyələrində növhəxan birinci rol oynayır. Əvvələn, mərsiyəxan minbərə çıxanda növhəxanlar onun başlayacağı mövzunu oxuyur. İkincisi, mərsiyəxanın minbərdə dincəlməsi üçün yerdən oxumağa başlayır. Üçüncüsü də, mərsiyəxanın sifətcə gözəl şagirdi olmalıdır. Təziyə məclisinə toplanan əyan və tacirlərin hamısı, təziyəsinə gəldikləri İmam Hüseynlə yox, salonda və otaqlardakı qiymətli şey- lərlə maraqlanırdı. Onlar şeylərin gözəlliyi və qiyməti-haqqında da- nışırdılar. Hacı Səməd xan Nizamüddövlə bağından hərəkət etdiyini tele- fonla xəbər verdikdə evdəkilərdən bir çoxu hakimi istiqbal üçün qapıya çıxdı. Mən və Məşədi Kazım ağa qabaq cərgədə durmuşduq. Saat doqquza beş dəqiqə işləyəndə Hacı Səməd xanın avtomobili qapıda dayandı. Bunu da qeyd etmək lazımdır ki, çar himayəsində olan əks-inqilabçılar, yaltaqlar Hacı Səməd xanın avtomobilinin yanınca, palçıq içərisində qaça-qaça piyada gəlmişdilər. Mən və Məşədi Kazim ağa Hacı Səməd xanın qolundan tutub avtomobildən düşürtdükdə qapıda duran camaat: €Zindəbad həzrət əşrəf! Zindəbad Hacı Şücaüddövlələ – deyə qışqırırdı. Hacı Səməd xan əyilən başlardan düzəlmiş canlı hasarın arasından keçib həyətə girdi və həyətin divarlarındakı təzi yə əlamətlərini gördükdə: – Mərhəba! – dedi. – Səliqəniz həzrət Seyyüdüşşühədanın şəninə layiq bir səliqədir. Bunu adi adamlar bacarmaz, təziyə saxlayanda da mədəni bir surətdə saxlamaq lazımdır. Balkona çıxdı, onu balkonda əyninə qara geyinmiş əlli nəfər gənc xidmətçi istiqbal etdi. Bura onun nəzərini daha artıq cəlb etdi. Tacir və əyanların müşayiəti ilə dəhlizdən keçib salona daxil oldu. Cəllad özünü şaşırdı, çünki o, bu cür salonu nə özündə, nə də başqalarında görmüşdü. Hacı Səməd xan özünün böyüdülmüş təsvirini çarın və çar konsulunun yanında gördüyü zaman sevindiyindən özünü ələ ala bilmədi, mənim əlimi sıxaraq: ” Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam, - dedi. Salonu diqqətlə nəzərdən keçirdi və sonra da mənə tərəf dönərək: – Cənab general-konsula xəbər verməmişsinizmi? – dedikdə mən: – Nina xanım gərək ki, xəbər vermişdir, – dedim. Hacı Səməd xan göz gəzdirib yanında konsulun mütərcimi Mirzə Ələkbər xanı gördü və ona müraciət edərək: – Zəhmət çəkib cənab generala xəbər verin və mənim tərəfimdən ərz edin ki, Hacı Şücaüddövlə sizi cənab Əbülhəsənbəyin evindəki İmam təziyəsində gözləyir, öz maşınını da sizin təşrifiniz üçün göndərdi. Hacı Səməd xan hələ yerə oturmamış məndən soruşdu: – Rəşidülmülkə dəvətnamə göndərilməmişmi? – Xeyr! Həzrət əşrəfdən icazə almamış göndərmək istəmədik. Hacı Səməd xan bu sözdən həddindən artıq şadlandı və əlimi sıxaraq: – Namusuna qurban! – dedi. – Bir dəvətnamə göndərin gəlsin, yoxsa ki, generalın şübhəsinə səbəb olar. Rəşidülmülk üçün dəvətnamə və fayton göndərildi. Hacı Səməd xan yenə də divardakı tabloları, montaiları və sairləri gözdən keçirdikdə salondakılar da ətəklərini sürüyə-sürüyə onun kölgəsi kimi dalınca dolanırdı. Çar konsulunun gəlmək xəbəri çar agentləri, çar təbəələri və çar himayəsində olanların təntənəli bir şadlıq nümayişi şəklini aldı. Qapıda duranlar bir-birini dümsükləyib çar konsulunun gözünə görünmək üçün irəli soxulurdu. cZindəbad imperatorlə səsləri Təbriz təkyələrində olan «Va Hüseynlə səslərinə qalib gəlirdi. cZindəbadə səsləri içərisində arabir €Zindəbad Hacı Səməd xanə səslərini də eşitmək olurdu. Konsulu salona müşayiət edənlərin cərgəsindəki ağ və yaşıl əmmaməlilərin sayı hamıdan artıq idi. Mənim nəzərimi konsulu salamlamaq mənzərəsi hamıdan artıq cəlb etdi. Əlini döşünə qoyub belini əyənlərdən başqa, börkünü çıxaran, başı qırxılmış əbalı tacirlər də var idi. Konsulun özü də ona əmmaməsini çıxarıb salam verən bir neçə seyidə güldü. Konsul küçədən salona girincəyə qədər yaltaqlığın bütün şəkillərini görmək, gülünc və hətta acı səhnələrə tamaşa etmək mümkün idi. Konsul salona girdikdə Hacı Səməd xan özünün konsuldan asılı olmadığını göstərmək üçün onun istiqbalına getmədi, o, konsulun əlini salonun ortasında sıxdı və konsul onun qolundan tutub salonu gözdən keçirməyə başladı. Konsul divarlarda 1I Nikolayın, onun ailəsinin, Səməd xanın və özünün böyüdülmüş şəkillərini görərkən şad bir vəziyyət aldı və Hacı Səməd xana müraciət edərək: – Mən çox fəxr edirəm ki, İranda bizim Əbülhəsənbəy kimi mədəni, namuslu, səmimi və dinçi dostumuz vardır, – dedi. Xüsusən general-konsul salonun təntənəsini, xidmət edənlərin təmizliyini gördüyü zaman mənim əlimi bir daha sıxaraq: – Mən sizi çoxdan tanıyırdım, sizin mədəni bir zat olduğunuzu Nina Nikitinaya etdiyiniz hörmətlərlə ölçmüşdüm, lakin bu gün gördüyüm qədər tərəqqipərvər bir zat olduğunuzu bilmirdim. Konsul bu son sözlərini təkrar olaraq Hacı Səməd xana və yanındakı mütərcimlərinə də dedi: – Mən bir çox ziyalı iranlılarla tanışam. Şərq aristokratiyasının mədəni səviyyəsini çox gözəl bilirəm. Lakin cənab Əbülhəsənbəy bunların heç birisinə bənzəməz, çünki mənim tanış olduğum bir çox iranİılar vardır ki, tərəqqi və mədəniyyəti dinsizlikdə axtarır. Əbülhəsənbəyə gəldikdə, o öz rəftarında, səliqəsində tərəqqi və mədəniyyətin ancaq dini əsaslar üzərində qurulmasına qail olduğunu göstərmişdir. Biz çalışıb, Əbülhəsənbəy kimi adamları İran ziyalı və İran aristokratları üçün nümunə göstərməliyik. Biz xalqa deməliyik ki, tərəqqi və mədəniyyət yalnız dini əsaslar üzərində inkişaf edə bilər. Onlar bu cür söhbətlərlə salonu dolaşdılar, sonra da salonun artırmasında qoyulan dəyirmi mizin yanında düzülmüş kürsülərdə oturdular. Rəşidülmülk də gəlib bunların yanında oturdu. Mizin üzərində hər cürə siqarlar və papiroslar qoyulmuşdu. Hələlik məclisə qəlyan verilməmişdi. Hacı Səməd xan özündən icazə gözlənildiyini hiss edərək: – Ağalara qəlyan gətirin! – deyə bir ev sahibi kimi əmr verdi. Ortalığa gələn qəlyanların zərifliyi Hacı Səməd xanı məftun etdi. Onun yanına öz təsviri çəkilmiş zərif qəlyan qoyulduqda, əvvəlcə təsvirin ətrafında yazılan cümlələri oxudu: «Təsviri-binəzri-valiyi-vilayəti Azərbaycan, Əmir-noyan, Şücaüddövlə Hacı Səməd xanə. Məclisə salonun müxtəlif qapılarından bir anda əlli qəlyan gətirildi. Artıq qəlyanların səsindən heç kəs bir-birini eşitmirdi. Ətir səpilmiş salonun təmiz havası birdən-birə dəyişdi. Əlli nəfər qəlyan çəkən nə qədər qüvvəti varsa tənbəkinin tüstüsünü içərisinə çəkib öz ağzının qoxusu və üfunəti ilə bərabər salona buraxırdı. Məclisə çay verildiyi zaman Hacı Səməd xan, Rəşidülmülk və konsul üçün də çay gətirilib dəyirmi mizin üzərinə qoyuldu. Bir az sonra çay və qəlyan dayandırıldı, çünki Təbrizin adətinə görə mərsiyə başlandığı zaman çay və qəlyan sərf etmək adət deyildi. Lakin bir çoxları qəlyanın qəmişini çox çətinliklə ağzından buraxırdı. Nəhayət, Hacı Səməd xan bir kərə: – Axundlar başlasınlar, – dedikdə sanki qurbağalar quruldayan gölə daş atıldı, sakitlik oldu. Ən qabaqca Hacı Səməd xanın arzusuna görə Məmmədəli şahın mərsiyəxanı Sultanüzzakirin qalxıb kürsünün üstündə oturdu və heç bir müqəddimə başlamadan xalqı ağlatmağa çalışdı, çünki Təbrizdə, Qafqaz şəhərlərində olduğu kimi mərsiyəxan minbərdə bir saat, iki saat yox, ən çoxu 10-15 dəqiqə oturmalıdır. O, müxtəsərcə salam oxuduqdan sonra sözünü belə başladı: – Zəmani ki, həzrət Seyidüşşühədanın əvan və ənsarını dərə- «əyi-şəhadətə yetirdilər, həzrət öz atı Zülcənahıl minib meydana təşrif gətirdi və üzünü Kufə və Şamın qoşununa tutub buyurdu: «Aya, bizə cəddim rəsulillah xatirinə bir kömək edən vardırmı? Həzrət Seyidüşşühədanın bu səsinə səs verən olmadı, ancaq xeymələrdə bu səsi həzrətin altı aylıq oğlu, cənab Ələsgər eşitdi, südəmərağa beşikdən əllərini çıxarıb ağladı və zəban-halilə ərz elədi ki, «Baba, ya əba-əbdülla, mənəm sənin köməyinlə Ya Hüseyn, sənin nökərin Soltanüzzakirin arzu edir ki, sən Yezidin qoşunundan kömək istəyib cavabsız qaldığın zaman imperator həzrətlərinin düşmənə qan ağladan rəşid kazakları Kərbəlada olaydı, imperatorun qoşunları bir səslə deyəydilər ki, €Ya əba-əbdulla, ata-anamız sənə fəda olsun, bizik sənin köməyinlp Camaatın başında başlıq qalmamışdı, ağlayanlar bir əli ilə başına vurur, gözləri ilə də çar konsuluna baxırdı. Konsul da özünün bu uyğunsuz hərəkətlərə qarşı təəccübünü bildirməmək üçün dəsmalı üzünə tutub durmuşdu. Rəşidülmülk və Hacı Səməd xan isə doğrudan da, ağlayırdılar. Məclisdə ürəyi keçənlər və özünü döyənlər, inildəyənlər də var idi. Artıq konsul mövhumat çuxurlarında çapalayan bu xalqda çarın müstəmləkə siyasətinə etiraz edəcək dərrakə olmadığına ürəkdən inanırdı. Sultanüzzakirindən sonra dörd nəfər daha kürsüyə çıxdı, lakin Sultanüzzakirin qədər camaatı ağlada bilmədi. Konsula və Səməd xana görünmək və bir qəlyanla bir stəkan çay içmək üçün başına-gözünə döyüb tərləyən müsəlmanlar, məclisdən çıxıb Təbrizin qaranlıq küçələri ilə uzaq məhəllələrə getməyə başladılar. Biz də konsul və Hacı Səməd xanla bərabər durub başqa bir havasi təmiz olan otağa keçdik. Onlardan ötrü şam yeməyi hazırlanmışdı. Nina konsulun və Hacı Səməd xanın görüşünə gəldi. O da rolda idi, onun təziyə münasibəti ilə hər bir libası qara idi. O, Təbrizin adətincə əvvəlcə Hacı Səməd xanın əlindən öpdü və konsulun əlini sıxıb oturdu. Sonra da onların hər ikisinə müraciətlə: – Hərgah İmam Hüseyn təziyəsi olmasaydı, şübhəsiz ki, siz cənablar tənəzzül edib, bizim evimizə gəlməyəcəkdiniz, – dedikdə Hacı Səməd xan da cavabında: – Maşallah, bərəkallah, qızım! – deyərək əli ilə onun saçlarını sığalladı. Konsul öz növbəsində: – Mən, - dedi, – arzu edərdim ki, bütün qızlar Nina xanım kimi xoşbəxt bir qız olaydı! Onlar bu mövzu üzərində çox dayandılar, nəhayət, konsul getmək lazım olduğunu saata baxmaqla işarə etdi. Nina xanım da cavabında: – Rica edirəm, saatınıza tez-tez baxmayasınız. Sizdən və həzrət əşrəfdən ötrü öz əlimlə şam yeməyi hazırlamışam. Hərgah cənab general icazə versəydi, böyük xanım və kiçik xanımlar da gəlib başımızı uca edərdi. Bir yerdə duz-çörək kəsərdik, – dedikdə konsul: – Etirazım yoxdur, maşını göndərin gəlsinlər. Lakin telefonla da xəbər veriniz ki, maşın gedənə qədər hazırlansınlar. Yenə söhbət başlandı. Konsulun ailəsi gəlincəyə qədər yenə də çay və qəlyan gətirdilər. Söhbət arasında Hacı Səməd xan mənə sual verdi: – Cənab ağa bu təziyəni hər ilmi saxlayır? – Keçən illər qarışıqlıq olduğu üçün saxlaya bilmədik, indi isə həzrət əşrəfin və cənab generalın dövlətindən əmin-amanlıqdır. Bir də budur ki, Nina xanım çox ağır bir surətdə xəstələnmişdi, diri!məyinə ümid yox idi, onun səhhət tapması üçün on gün Həzrət Seyidüşşühəda təziyəsi saxlamaq və iyirmi nəfərin də xərcini verib İmam Hüseyn ziyarətinə göndərməyi nəzir etmişik. Hacı Səməd xan qalxıb alnımdan öpdü və mənim dediklərimi bir daha konsula anlatmağa başladı: – Ağanın iyirmi nəfəri Kərbəlaya göndərmək üçün nəzri də var imiş! – dedikdə konsul mənim əlimi sıxaraq: – Çox gözəl təsadüfdür, – dedi. – Bu il biz də qırx-əlli nəfər müstəhəqq adamlardan seçib Kərbəla ziyarətinə göndərmək istəyirik. Bu işə birlikdə başlasaq daha müvəffəqiyyətli olar, – dedi. Bu sözlərə əlavə olaraq Hacı Səməd xan da danışdı: – Qırx nəfər də mənim nəzrim vardır. Cənab Rəşidülmülkü də buna məcbur edərik, o da otuz-qırx nəfər göndərə bilər, imam yoludur, heç olmasa bu il yüz iyirmi nəfər ziyarətə göndərmək lazımdır. Mən yavaş-yavaş məqsədə yaxınlaşdığımızı hiss edərək sevindim və əlavə olaraq onlara öz təşəkkürümü izhar etməklə: – Çox yaxşı olardı ki, Kərbəlaya göndəriləcək müstəhəqq adamların siyahısını düzəltmək işini həzrət əşrəf xəbərdar bir adama tapşıraydılar, çünki mən burada çox az adamı tanıyıram, təbrizli olduğuma baxmayaraq, təbrizliləri tanımaqda çox acizəm. Konsul məni çox dərin bir diqqətlə dinləyirdi. O mənim sözlərimi öz məqsədinə uyğun gördüyündən, gözlərindən razılıq yağırdı, buna görə də o öz lakeyinə (Səməd xana) müraciət edərək: – Ağanın bütün fikirləri həzrət əşrəfin müqəddəs fikirlərinə uyğundur. Yaxşı olardı ki, cənab ağa, həzrət əşrəfin başqa təşəbbüslərində də iştirak edəydi, – dedikdə Hacı Səməd xan bir az o tərəf-bu tərəfə dönərək mütərəddid bir vəziyyət aldı və nəhayət: – Bəndə ağanın tədbirli və zəkalı bir zat olduğunu bilməmiş deyiləm. Lakin cənab ağaya zəhmət vermək istəmirdim, hərgah cənab genaral bunu məsləhət görür və ağanın özü də bu müqəddəs vəzi- fədə iştirak etməyi arzu edirsə, buna bəndə qəlbən və ruhən razılıq verə bilərəm. Mən sevindiyimdən nə edəcəyimi və nə deyəcəyimi bilmirdim, çünki onlar mənə öz sirlərini açmaq istəyirdilər. Buna görə də razı bir baxışla onlara baxaraq: – Bəndə cənab generalın və həzrət əşrəfin mənə həvalə edəcək- ləri vəzifələri böyük bir xoşbəxtlik kimi qəbul edərəm. Cənab generalın və həzrət əşrəfin İran xalqının səadəti üçün çalışdığını hamıdan artıq mən bilirəm. Bu söhbətlərim Hacı Səməd xanın qəlbinin qapılarını açdı, məqsədini söyləməyə məcbur etdi. Əlini bığlarına aparıb sığalladı, sonra da: – Ağa üçün gizlin deyil ki, bu bir neçə ilin inqilabı və qarışıqlığı, ümumiyyətlə, İran əhalisinin əxlaqını pozubdur, – dedi. – Camaat dini və dini adətləri, məzhəbi, təriqəti, ənənəni get-gedə aradan qaldırmaqdadır. Məkkəyə, Məşhədə, Kərbəlaya gedənlərin sayı yüzdə əlli azalıbdır. Xalqımızın birisi sufi, birisi dəhri, o birisi babi və bəhai, bir çoxları isə demokrat və sosialist olmuşdur. Buna görə də mənim fikrim budur ki, biz yenə də əlbirliklə çalışaq və xalqımızı öz köhnə dininə, öz köhnə əqidəsinə döndərək. Ağaya məlumdur ki, bütün başıpozuqluq və iğtişaş dinsizlikdən və Əqidəsizlikdən vücuda gəlir. Buna görə də çalışıb camaatımızı mərsiyəyə, təziyəyə və İmam Hüseyn ziyarətinə öyrətmək lazımdır. Ancaq bununla da biz, bu camaatı dinsizlik əlindən xilas edə bilərik. Bu barədə cənab general da mənim fikrimi bəyənibdir. Əvvəlcə Təbrizdə din təbliğatını gücləndirmək, məscidlərə və təkyələrə rövnəq vermək və bu yol ilə də bəzi fikirləri xalqın başından çıxarmağı xəyalımda qoymuşam. Hərgah biz indidən işə möhkəm yapışmasaq, bir neçə ilin içərisində müsəlman dini tamamilə məhv olub xalqın yadından çıxar, bu məsuliyyət bizim öhdəmizdə qalar. Nə qədər ki, gec deyil, bu xalqı tərbiyə etmək lazımdır. Bu iş çox yüngül iş deyil, bir nəfər, iki nəfər adamın da işi deyil, burada möhkəm bir firqənin olması lazımdır, belə bir firqənin düzəlməsi üçün bütün namuslu müsəlmanların iştirak etməsi və xüsusən cənab ağanın bizə kömək göstərməsi lazımdır. Düzələcək firqə nüfuzlu adamların iştirak etməsi ilə xalq arasında öz nüfuzunu genişləndirə bilər. Hacı Səməd xan öz məqsədini danışıb sakit oldu. Məndən cavab gözləyirdi. Mən onun torbasını tamamilə yoxlamaq üçün: – Mən şəxsən bir firqə təşkilinə razı deyiləm, – dedim. Səməd xan isə mənim sözümü yarımçıq qoyaraq: – Xeyr, ağa, – dedi, – bu firqənin siyasətlə, filanla işi olmayacaqdır. Bu firqəni təşkil etməyi bəndə şəxsən özüm düşünmüşəm. Bu firqə dini bir firqədir, bunun təriqət əxlaqı ilə də əlaqəsi olmayacaqdır. Adını mən özüm düzəltmişəm, bu firqə ancaq Qaimül-Məhəmməd əleyhissəlamın zühurunun yaxınlaşmasına çalışacaqdır. Firqəyə öz məqsədinə müvafiq ad da qoymuşam. Adı cİntizariyun? firqəsidir, yəni həzrət Qaimül-Məhəmməd əleyhissəlamın zühurunun intizarını çəkən firqə. – Bu firqənin vəzifəsi nədən ibarət olacaqdır? – deyə mən soruşdum. – Bu firqə islama rəvac verəcək, əhalini həzrətin zühuruna hazırlayacaqdır. – Müqəddəs bir tədbirdir! – deyə təsdiq etdim. – Lakin bilmirəm bu tədbiri həyata keçirmək mümkün ola biləcəkdirmi? Bu firqəyə dini şüurunu itirmiş xalqın nə kimi nəzərlə baxacağı da şübhəlidir. Hacı Səməd xan isə mənim cavabımda: – Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilər. İnşallah firqə təşkil olduğu zaman siz mənim bu sözlərimi təcrübədən keçirəcəksiniz, – dedi. – Maddi və mənəvi yardım verməyə də hazıram. Mən şəxsən ayda min tümən bu işə ianə verə bilərəm. Başqalarını da yazdırmağı vəd edirəm. Konsul bu sözlərimdən qənaətləndi və mənə II Nikolayın mərhəmətini vəd verdi. Mən sabah Hacı Səməd xanın yanına gedəcək və bu firqənin təşkili barəsində danışacaqdım. Konsulun ailəsi otağa daxil olduqdan sonra söhbətin mövzusu da dəyişmiş oldu. * * * Xüsusi iclas İngilislərin Hacı Səməd xan Şücaüddövlə vasitəsilə həyata keçirdikləri xəyanətin acı təsirləri Təbrizdəki demokratları və eləcə də ziyalı və işçi təbəqəsini düşündürürdü. Mürtəce qüvvələr dini təşkilatlar düzəldir və hər yerdə təziyə məclisləri təşkil edirdilər. Demokrat firqəsi bu təzə xəyanəti ifşa etmək barəsində xüsusi iclas çağırmağı qərarlaşdırırdı, lakin üç-dörd nəfərin bir yerə yığışıb danışmağı mümkün deyildi. Xalq ancaq təziyə məclislərində bir-birləri ilə görüşə bilirdi. Buna görə də xüsusi iclas Məşədi Kazım ağanın düzəltdiyi təziyə məclislərində baş tutacaqdı. Təziyə məclisi bərpa etmək hər kəs üçün məcburi bir vəzifə hesab olunurdu, çünki imkanı olan adamların təziyə məclisi bərpa etməməsi Hacı Səməd xanın şübhəsinə səbəb olurdu. Bu iclasda firqə son hadisələr münasibəti ilə öz xətt-hərəkətini təyin edəcəkdi. Eyni zamanda firqə ingilis konsulxanası tərəfindən düzəldilmiş dini təşkilatın məramnaməsini müzakirə edəcəkdi. Əlimizdə olan məlumata görə, İntizariyun firqəsi din və mövhumat mündəricəsi daşımaqla bərabər, siyasi məqsədlər də daşıyırdı. İngilislər Təbrizdə Kərbəla ziyarəti təşkil edir, yoxsullardan ibarət zəvvar dəstəsinin içərisində öz əks-kəşfiyyatçılarını da o tərəfə göndərirdilər. Xüsusi iclasda iştirak edən üzvlərimiz bu cəhətlərdə heç bir mübarizə təşkil etməməyi qərara aldı. Lakin demokrat firqəsinin üzvləri din və mövhumatın genişlənməsi üçün ingilislərin aralığa atdığı təşəbbüslərə qarşı ciddi mübarizə aparmaq lazım olduğunu da qeyd etdilər. İngilislər Səttar xan hərəkatından aldıqları bir çox təcrübələr nəticəsində Azərbaycan xalqının dərin bir inqilabi duyğuya malik olduğunu bilirdilər. Xüsusən onlar Təbriz qadınlarının Səttar xan inqilabında iştirak etdiyini və altmış nəfərə qədər qadının əlində silah səngərlərdə «Azadlıq və istiqlaliyyətlə deyə can verdiyini unutmamışdılar. Bu məqsədlə də hər yerdə qadın təziyə məclisləri düzəltdirir və qadınların inqilabi hislərini din və mövhumatla çürütməyə çalışırdılar. İngilislər Səttar xan zamanında ifşa edilmiş və bağlanmış siğəxanaları bərpa edir və inqilabi gəncliyin əxlaqını pozmağa səy edirdilər. Məqbərə və ziyarətgahlara müəyyən paralar buraxılır və qəbiristanlarda dini tablolar nümayiş etdirməklə, qadınları ora cəlb edirdilər. Hacı Səməd xanın əmri ilə Sayınqələ, Tikantəpə və Külçətəpədən Təbrizə falabaxanlar, qaraçı qadını dəstələri cəlb olunurdu. Bu və sair məsələləri müzakirə etdikdən sonra firqə aşağıdakı qərarı çıxardı: Din təbliğatı əleyhinə mübarizə aparılan zaman çox ehtiyatlı hərəkət etmək lazımdır, çünki ehtiyatsız aparılan mübarizə əks-təsir də bağışlaya bilər. Təziyə məclislərinin əleyhinə heç bir təşəbbüs edilməsin. Siğə məsələlərinə toxunulmasın, ancaq qadınları yoldan çıxarıb siğə etdirən tək-tək adamlar ifşa edilsin və cəzalandırılsın. Qadınlar üçün açılacaq təziyə məclislərini rövnəqdən salmaq məqsədi ilə kinolar və sairə ictimai əyləncələr təşkil edilsin. Firqəyə təzə üzvlər qəbulu dayandırılsın, çünki ingilislər bu vasitə ilə firqə üzvlərini öyrənməyə çalışırlar. Vali tərəfindən Təbrizə cəlb edilən cadugər və falabaxan qadınların Təbrizdən qovulması üçün adamlar təyin edilsin. Səttar xan tərəfindən qapadılmış qadın bazarının Hacı Səməd xan tərəfindən açılmasına qarşı mübarizə təşkil edilsin. Ümumi firqə iclası çağırılmamalıdır. Lazımi məsələlər firqənin rəhbər üzvləri vasitəsi ilə həll olunmalıdır. 9, İndiyə qədər siyasi siması bəlli olmayan firqə üzvlərinin üzərinə ciddi nəzarət təyin edilsin. Osmanlı-alman tərəfdarlarının Rusiya və İngiltərə əleyhinə apardıqları təbliğata qarşı ciddi bir mübarizə təşkil edilsin, çünki osmanlı və almanların bütün təşəbbüsləri Azərbaycan xalqının zərərinədir. Təbrizdən qaçan, öldürülən, zindanlarda yatan inqilabçıların ailələrinə kömək etmək üçün maddi yardım toplanilsın. Xüsusi iclas bu vəzifələri ifa etmək üçün bacarıqlı adamların siyahısını düzəltdikdən sonra işini bitirmiş oldu. * * * Tütünçüoğlu Tacıqızı Züleyxanı çoxdan bəri təqib edirdi. Bu cürə qadınları isə ancaq qəbiristanlarda və ziyarətgahlarda tapmaq mümkün idi. Cümə axşamı idi, şəhərin qadınları tamamilə qəbiristanlarda və ziyarətgahlarda idilər. Tütünçüoğlu Tacıqızı Züleyxanı təqib edib Gəcil qəbiristanında gördü, onun dalınca düşərək, Acudanl qapısına qədər gətirdi və orada: – Ədabazın birisi, bəs niyə belə qaçırsan? Dur görək nə var, nə yox? – dedikdə Tacıqızı acıqlı bir surətdə dönüb dedi: – Haramzadanın birisi, günün günorta çağında nə üçün mənim dalımca düşmüsən? Bicin birisi, sizin əlinizdən xalqın övrətləri qəbiristana dolana bilməyəcəkmi? – Ay Züleyxa, niyə acıqlanırsan? Sən bal deyilsən ki, küçənin ortasında barmaqlayım? Tacıqızı Züleyxa bu sözə təəccübləndi, barmağını dişinə qoyaraq danışdı: – Vay, mənim başıma kül olsun! Bu küçə gədə-güdəsi mənim adımı haradan öyrənibdir? Mən ərimə nə cavab verə biləcəyəm? Mən xalqın üzünə necə baxacağam? – Özünü ələ al, hökm deyil ki, küçədə danışan arvad əxlaqsız arvad olsun. Adam küçədə anası ilə, bacısı ilə də rast gəlib danışır. Gül deyilsən ki, dərib yaxama taxım, bir söz deyəcəyəm, qəbul edərsən də atan rəhmətdə, qəbul etməzsən də atan rəhmətdə. Bundan acığın niyə gəlir? – Əlbəttə ki, acığım gələr. Övrət tayfası elə bir şeydir ki, güldən də tez ləkə götürər. Bəlkə, burada məni ərim görəydi, bəlkə, burada qardaşlarıma, qayınlarıma rast gələydim?1 Onda mən canımı hara qoyardım? Onda səni tikə-tikə doğrasaydılar kim qabaqlarına duracaq idi? Heç bilirsən mən kiməm? Heç bilirsən mənim tayfam kimdir?1 – Ayqız, niyə acıqlanırsan? Mən sənin nə qulluğunu əlindən alıram, nə də deyirəm ki, sən nanəcib yerdənsən. Ancaq deyirəm ki, qoy bir sözüm var, sənə yetirim. O ki qaldı tanışlığımıza, biz bir-birimizlə çoxdan tanışıq. " Acudan – adyutant, yavər deməkdir. Tacıqızı Züleyxa yenə də acıqlandı: – Qələt eləmə, küçə gədəsi! Verərəm nökərlərimin əlinə, o qədər döyərlər ki, adın yadından çıxar. Mən səninlə nə üçün tanış oluram? De görüm hansı xalçanın qırağısan? – Yaxşı, mənim nə təqsirim vardır ki, məni döydürürsən? – Çünki sən küçədə namuslu, varlı arvadların dalınca düşürsən. Bu saatda tutdurub verərəm Hacı Şücaüddövlənin əlinə, onda yaxanı hara qoyarsan?l – Yaxşı, nə ad qoyub məni tutduracaqsan? Heç bilirsən mən sənə nə demək istəyirəm? – Niyə də bilmirəm. Kişi arvada nə deyəcəkdir? – Sən mənə qulaq as, gör nə deyirəm, hərgah xoşuna gəlməsə, yenə də ixtiyar səninkidir. – De görüm sözün nədir? Amma onu da bil ki, mən sənin dediyin arvadlardan deyiləm hal Mən hələ indiyə qədər naməhrəmlə danışmamışam. – Mən ki, naməhrəm deyiləm, dediyim də budur ki, gəl yenə də tanış olaq, sən ki, məni tanıyırsan, mən ki, özgəsi deyiləm, nə üçün hövsələdən çıxırsan? – Mən səni haradan tanıyacağam? Qələt eləməyinə bax! – Sən məni Seyid İbrahim məqbərəsindən tanıyırsan! Sən məni daş qapılı bağda, mil dibində, Hacı Allahyar bağında görmüsən. – O mən deyiləm, bibim qızı Zəhradır. Canı yanmış lap mənə oxşayır. – Yaxşı, bir saatlığa qoyaq ki, bibin qızı Zəhradır, sən deyilsən. Adamın adamla tanış olması günahdır? Adamın adama işi düşər, sən mənim sözümə baxsan, bizim də işimiz düzələr, sənə də xeyir olar. – Necə yəni işimiz düzələr?l Məgər səndən savayı bir başqasıdamı vardır? – Bəli, bir də yoldaşım vardır. – Amma sən onu da bilməlisən ki, mən evimə hər qor-qoduğu buraxmaram, onu da bilirsənmi? – Ay Züleyxa, sən hələ də bizi qor-qoduq hesab edirsən, biz elə də alçaq-ulçaq cahillərdən deyilik, sənin evində cib dolusu qran da xərcləyə bilərik. – Sənin adın nədir? – Mən qaraməlikli İbrahiməm, Hacı xan Sərtibin bacısı oğluyam. – Çox yaxşı, indi nə istəyirsən? – Nə istəyəcəyik, subay oğlanlarıq, iki nəfər tapıb siğə etmək istəyirik. – Bəs mən özüm? – Sən öz yerində, sənə həmişə qulluq edə bilərik. Hələlik iki nəfər tapıb bizim üçün bir yaxşı kef düzəldin. – Mənim əlimdə olan qızlar özgə yerə getməzlər. – Getməsinlər, qoyun sizin evinizdə olsunlar. – Amma çox ucuz oturmayacaq hal.. – Nə qədər lazımdır? – İki nəfər siğə üçün on tümən. Siğə pulu bir tümən, ev kirayəsi iki tümən, yemək, içmək, məzə isə sizin özünüzdən asılıdır. – Heç bir sözüm yoxdur. Bu da bizim gözümüz üstə, daha nə qulluğun vardır? – Amma bu gecə olmaz. – Nə üçün? – Bu gecə lazımlı qonaqlarım vardır. – Biz də bir qonaq, nə eybi var? – Elə adamlardır ki, bəlkə də, siz onlardan çəkindiniz? – Kimdirlər ki, biz onlardan çəkinək? – Birisi Kazımdır, birisi də Süleyman! – Biz onlar ilə çox yaxşı dostuq, nə üçün onlardan çəkinirik? – Elə isə axşam qaş qaralanda gəlin. – Axı bilmirəm harada olursan. – İstanbul qapısından girən yerdə, Kəlləpəz Hacı Şükürullanın evində. Bir vaxt Çopur Səlimə də orada olurdu. Tanıdın ki? – Bəli, tanıdım, axşam saat doqquzda. – Amna iki nəfərdən artıq olmayasınız hal – Baş üstə, xatircəm ol! Tacıqızı yenə də rübəndini üzünə çəkib getdi. Tütünçüoğlu isə düşünürdü. Bu gecə o, Rəşidülmülkün tapşırığına görə onu öldürmək üçün təqib edən Kazım Davatgəroğlu və Sallax Süleyman ilə bir məclisə düşəcəkdi, bu isə ən qorxulu və hazırlıq tələb edən bir məsələ idi. Bu barədə yoldaşlarla danışmaq və tədbirlər görmək lazım idi. Lök. Mədəni insanlara yaraşmayan fisq-ficuru pərdələmək üçün qara dumanlar öz maskasını Qaraçı məhləsinin çöhrəsinə taxmaqda idi. Küçələrdə ancaq şəhərin mərkəzinə dilənçilik üçün getmiş qaraçıları görmək mümkün idi. Onlar küçələrdə bir kəsin olmadığına baxmayaraq, yenə də ağızlarında əzbər olan duaları oxuya-oxuya gedirdilər. Şəhərin mərkəzində yerdə sürünərək dilənçilik edənlər, mərkəzdən qayıtdıqları zaman öz ayaqları ilə gedirdi, çünki qaraçı dilənçilərin bir çoxu özlərini yalandan şikəst göstərir, qollarını, qılçalarını, ağızlarını və gözlərini qeyri-təbii bir vəziyyətə salmağı bacarırdılar. Təbriz şaxtası da başlayırdı. Çiyinlərinə yırtıq palaz və həsir parçaları çəkib çənəsi titrəyə-titrəyə dua oxuyan dilənçilər bu şaxtaların xəbərini verirdi. Ara-sıra dumanın altından görünən ulduzlar Tacıqızı Züleyxanın füsunkar gözləri kimi parıldayırdı. Qaraçı qızlarının qaşları kimi nazikləşmiş ay da Ərk qalasının arxasında gizlənməyə və qaranlığın çarşabına bürünməyə başlamışdı. Əyri-üyrü küçələrdə tısbağa belinə bənzəyən aristokrat hərəm qadınları qaraçı qızlarının əda və hərəkətlərini öyrənmək və ərinin nəzərində özünü şirin göstərmək üçün evinə məşhur qaraçı qızlarını dəvət edirdilər. Qaraçı məhəlləsində gecə nə qədər qorxulu və qaranlıq olsa da, hər bir evdən gələn musiqi və palçıq damların altından eşidilən səslər Şərq musiqisi kimi böyük bir zənginliyin zibillər və natəmizliklər içərisində düşüb qaldığını göstərirdi. Musiqinin bu cazibədar tərənnümlərini geridə buraxıb getmək mümkün deyildi. Qədəmlər irəli atılmaq istəsə də, ürəklər geriyə dönməyə məcbur idi. Dilənçilik, əxlaqsızlıq, ədəbsizlik qaraçı qadınları və qaraçı qızlarına məxsus olduğu kimi, gözəllik, oxumaq və musiqi sənəti də qaraçı qızlarına məxsusdur. Buna görədir ki, Təbriz kübarları, Təbriz aristokratları öz hərəmlərində onlarca gözəl qadınların çürüdüyünə baxmayaraq, özlərinin kef məclislərində qaraçı qızları saxlamaqdan da vaz keçməzlər. Hərəm qadınlarından bəziləri öz ərlərini qaraçıların əlindən almaq üçün özlərini qaraçı qızlarının qiyafəsinə salır, üzlərinə, dodaqlarına, yanaqlarına qeyri-təbii xal düzürdülər. Qaraçı qızlarının oxuduqları: «Gedərəm Bağdada mən, Yar əlindən dada mən, Əvvəli əziz idim, İndi düşməm yada mənə — kimi mahnıları özlərini qaraçı qızlarına oxşadan bir çox kübar xanımlarının da ağzından eşitmək mümkün idi. Nəğmə səsləri bütün bu çirkinliyi unutdururdu. İnsan Təbrizin Qaraçı məhləsində yox, əski Bağdadın Abbasə və Cəfər sarayları qarşısında durub Qərənfil və Nayirə xanımların səsini dinlədiyini düşünürdü. Bu qədər qabalıqlar içərisində həbs edilən Şərq incəsənəti qaraçı evlərindən eşidilən kamança səsi ilə sanki özünün inlədiyini, ağladığını aləmə bildirirdi. İnsan eşidilən nəğmələrdən nə qədər həzz və ləzzət alırsa-alsın, yenə də Şərq incəsənətinin qaraçı evlərində yaşadığını düşünərkən qüssələnir və ruhən ağlayırdı. Tütünçüoğlu və Quluzadə qabaqda, Həsən ağa, Şəfi və başqaları isə onlardan bir qədər geridə gedirdilər. Bu gecə Tütünçüoğlu həm siğə yuvalarından birisini məhv edəcək, həm də onu öldürmək üçün təqib edən Kazım Davatgəroğlu və Sallax Süleymanla qarşı-qarşıya gələcək idi. Onlar Tacıqızı Züleyxanın siğəxanasına, daha doğrusu, onun fahişəxanasına gedirdilər. Bir gün əvvəl Tütünçüoğlu onunla Acudan qapısında görüşüb vədələşmişdi. Onlar bu gecə 7-ci illərdən bəri Təbriz əks-inqilabında mühüm rollar oynamış və bu gün çar konsuluna arxalanaraq özlərini qalib hesab edən məhəllə qoçuları ilə üz-üzə gələcəkdilər. Bu gedənləri bir fəlakət də və bir müvəffəqiyyət də gözləyə bilərdi, çünki Kazım və Sallax Süleyman yalnız bir məhəllə qoçusu olmaqla kifayətlənməyərək, bütün Təbriz xalqı içərisində özlərinin məğlubedilməz adamlar olmaları ilə də tanınmışdılar. Onlar Təbrizdə istədiyi gözəl və gənc oğlanları zorla aparıb yanında saxlayar, sevdiyi qızları küçədən götürüb aparar, bəyəndiyi qadınları isə ərlərindən boşatdırıb alardılar. Onlar bir çox nüfuzlu məhəllə gənclərinin qulağını kəsər, birçəklərini qırxar və xalq içərisinə çıxa bilməyəcək bir vəziyyətə gətirərdilər. Onlar gündüz günorta çağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. Dəvəçi məhəlləsinin kiçik bankirləri və mülkədarları öz cqəhrəmanəları ilə fəxr edər və onları daim maddi tərəfdən təmin edərdilər. Bəzən yerli hökumət də məhəlləsinin asayiş işlərini bu lotulara tapşırardı. Quluzadə ilə Tütünçüoğlu Tacıqızı Züleyxanın qapısını vurdular. Bir azdan sonra Tacıqızı Züleyxa qapının dalından səsləndi: – Kimdir qapını döyən? Tütünçüoğlu səs verdi: – Bizik, Züleyxa bacı! – Siz kimsiniz? – Dünən Acudan qapısında görüşdüyünüz oğlan. – Neçə adamsınız? – İki nəfərik, dünən sənə dediyim yoldaşımdır. Özü də pis oğlan deyil. Tacıqızı Züleyxa qapını açdı, Tütünçüoğlu və Quluzadəni gördükdə: – Yaxşı oldu ki, tez gəldiniz, Kazım ilə Süleyman gələnə qədər kefinizi çəkib gedə bilərsiniz, – dedi. Tütünçüoğlu: – Heç eybi yoxdur, biz onlarla birlikdə də kefedə bilərik, – dedi. – Məgər Kazım və Süleyman dadaş qaraməlikli Hacı xan Sərtibin bacısı oğlu İbrahimi tanımırlar? Onlar bunu deyib içəri girdilər. Həsənağa, Müseyib, Şəfi isə bayır tərəfdəki qaranlıq dəhlizdə duracaq, Kazım və Sallax Süleyman içəri girdiyi zaman onları tərk-silah etdirəcək və cəzalandıracaq idilər. Qabaqda Tacıqızı Züleyxa, onun dalınca da Tütünçüoğlu ilə Quluzadə otağa daxil oldular. Bu otaq ancaq siğə etməyə gələnlər üçün hazırlanmışdı, kef çəkmək və siğələrlə vaxt keçirmək üçün də başqa otaq var idi. Otaqda zinətli çay dəsgahı düzəldilmişdi və ətrafda üzünə çiçəkli məxmərlər çəkilmiş qalın döşəklər salınmışdı. Bu şəri fahişəxananın divarları şəriət sahiblərinin, müqəddəslərin şəkilləri ilə bəzədilmişdi. Məhəmməd peyğəmbərin şəkli aralıqda idi, sağında Həsən, solunda Hüseyn oturmuşdu. Bir tərəfdə Ələkbər meydana gəlir, bir tərəfdə Həzrəti Abbasın qollarını salıblar, bir yanda Ərus ilə Qasim öpüşür, evin yuxarı başında isə Molla Qurban qalın bir döşəyin üstündə oturmuş, əlində yüsri təsbeh, dodaqları bir-birinə dəyirdi. Molla Qurbanın qabağına canamaz açıldığından axşam namazını təzəcə qurtardığı məlum olurdu. Molla Qurban gözlərinə sürmə çəkmişdi, barmaqlarına fındıqça xına yaxmışdı, nazik saqqalını təzəcə xınalamışdı, bığlarının qabağını dərindən vurdurduğu üçün dodaqlarını uzaqdan görmək mumkün idi. Qulaqlarının dibində nazik xətbaşı da qoymuşdu. Molla Qurban üstünə gül ətri səpdiyindən Tacıqızı Züleyxanın otağında oturmaq mümkün deyildi. Tacıqızı Züleyxanın özü də təzə ərə getmiş gəlinlər kimi bəzənmişdi. O, qara saçlarını on iki hörüyə bölüb dalısına tökmüşdü, alnından tüklərinin üstündə brilyant, zümrüd və yaqutlar parlayan bir cıqqa vurmaqla özünü İran şahzadə xanımlarına bənzətmişdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi üzünə bəzək vurmamışdı. Onun dediyinə görə bəzək qadınların təbii gözəlliyini itirirmiş... Tacıqızı otuz səkkiz yaşında olduğuna baxmayaraq, öz gəncliyini lazımi qədər mühafizə edə bilmişdi, çünki o başqa qaraçı qızları kimi hər yetən adama satılmazdı. O, tək-tək təsadüflərdə, ya özünün sevdiyinə, yaxud da böyük para müqabilində təslim olardı. O, ancaq başqa qadınları, əksəriyyətlə qaraçı qızlarını istismar etməklə böyük pullar qazanmışdı. Onun gözlərinin ətrafında başqa qaraçı qızlarında olduğu kimi qara və göy halqalar, daha açığı, yorğunluq və yuxusuzluq, əyyaşlıq əlamətləri görmək olmazdı. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi gecə və gündüz vaxtini sərxoşların qucağında keçirməz, tiryəkxanalarda tiryək hoqqalarına od tutmaqla həyatını zəhərləməz və tanımadığı adamların dəvətini qəbul etməzdi. Buna görə də onun incəliyi və gəncliyə məxsus təravəti o qədər də sönməmişdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi Avropa qadınları qiyafəsinə də girməmişdi. Onun əynində Təbriz qadınlarına məxsus qısa və əlvan ipəkdən tuman, qılçalarında al atlazdan şalvar, topuqlarında mirvaridən düzəlmiş zərif xalxal var idi. Ağ, balaca, eyni zamanda ətli olan ayaq barmaqları xınadan qızarmışdı. Zərif bədəni nazik ipəkdən tikilmiş bir köynəyin altında titrədiyi halda evi dolanıb Tütünçüoğluna və Molla Qurbana xidmət edirdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi bir qadın olaraq öz gözəlliyi ilə yox, özünün musiqi və nəğmə ustadı olması ilə də şöhrət qazanmışdı. Buna görə də Tacıqızı Züleyxa İran kübarları və İran aristokratiyası məclislərinə oxumaq və çalmaq üçün çağrılardı. Tacıqızı samovarı gətirib çay dəsgahının üstündə qoydu, qollarını çırmadı, qolundakı brilyant saat və zümrüd qolbaqlarını göstərdi, sonra da iki stəkan çay töküb birini Tütünçüoğlunun, birini də Quluzadənin qabağına qoyduqda Tütünçüoğlu: – Axunda nə üçün çay boşaltmadınız? – deyə Tacıqızına müraciət elədi. Tacıqızı isə: – Axund oruc iddi, bir saat bundan əvvəl iftarını açıbdır, – dedi. – Yoxsa orucluq giribdir? – Orucluq girməyibdir. Lakin axund ildə üç ay oruc tutur. Bir də budur ki, axund özgəsi deyil, evin sahibidir. – Necə yəni evin sahibidir?l – İndi altı aydır ki, baş bir yaxadan çıxarmışıq, sağlıq olsa, bahar açılan kimi imamın ziyarətinə gedəcəyik. Özüm də axundun oxuduğu Qurana and içib tövbə eləmişəm. Mənə də qiyamətin günündə nicat olsa ağanın ziyarətindən olacaqdır. Elə axundun adı mənim üstümdə olsa bəsimdir. Axundun özü də bir halal süd əmmiş Allah bəndəsidir. Elmi də ki, Təbriz müctəhidlərinin heç birisindən az deyil. Quluzadə sözə müdaxilə edərək: – Belə hal.. Biz də elə Züleyxa bacının yanına ondan ötrü gəlmişik ki, bizə iki dənə halal süd əmmiş qız tapsın. Axund da ki, buradadır, zəhmət çəkib siğəni oxusun evlənək, bəzi para yaramaz işlərdən də uzaqlaşaq. Axund Molla Qurban sözə başlayaraq siğənin savablarından danışdı. – Həzrət Sadiqdən! rəvayətdir ki, cəddim Rəsulallah meraca getdiyi zaman yolu səkkizinci behiştdən düşür. Səkkizinci behiştin VeMəclisib adı ilə altmış cild kitab uyduran Molla Məhəmməd Bağır yalanlarının hamısını imam Cəfər Sadiqin dilindən yazmışdır. dərbanı qapını açıb orada olanlara müraciətlə: Ey səkkizinci behiştin məlaikələri, pişivazə çıxın, dünya və axirətin ağası səkkizinci behiştə səyahətə gəlirə – deyə səslənir, Həzrəti Rəsul-Əkrəm səkkizinci behişti gəzərək böyük qəsrin yanına gəlir, qəsrin divarları ağ gümüşdən, pəncərələri qırmızı qızıldan idi. Türfədən yetmiş min gözəl huri başını çıxarıb Həzrəti peyğəmbərə salam verir. Həzrəti Rəsul cənab Cəbrayıldan soruşur ki, ya Cəbrayıl, bu qəsr kimin qəsridir? Cənab Cəbrayıl ərz eləyir ki, peyğəmbər, bu qəsr sənin siğə edən ümmətlərin üçün qayrılmışdır. Molla Qurbanın bu sözündə Tacıqızı Züleyxa ağlar bir halda: – Atam-anam sənə qurban olsun, ya Rəsul Allah, – dedi. Molla Qurban sözünə davam edərək dedi: – Həzrəti Cəfər Sadiqin yanına gəlib soruşdular ki, atam-anam sizə fəda olsun, günahları nə ilə bağışlatmaq mümkündür? Həzrət buyurdu ki, siğə etməklə! Hər kəs bir saat siğə ilə otursa, xudavənd aləm onun yetmiş arxa keçmiş və yetmiş arxa da sonra gələn övladının günahlarını bağışlar. Tacıqızı sözə başlayaraq: – Hələ həzrət bir saatı buyurubdur, amma biz axund ilə altı aydır ki, oturub-dururuq, indi görün biz nə qədər savab sahibi olmuşuq! dedi. Tütünçüoğlu da: – Biz də bunu istəyirik, – dedi, bir Allah bəndəsinə evlənək, həm vaxtımızı yaxşı keçirək, həm də yetmiş iki babamızın günahlarını bağışladaq. Tacıqızı onun sözünü kəsərək: Yox, qadanızı alım, – dedi, – mənim evimdə ərə gedən qızlar yoxdur. Axund buyuran kimi ancaq birsaatlıq siğə mümkündür. Bir də budur ki, bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz, çünki onların hərəsi bir varlı yerin qızıdır. Yağ-bal, naz-nemət içində üzən adamlardır. Onlar ancaq mənim xatirim üçün birsaatlıq kefə gəliblər. Bu gecə mən sizi yuxunuzda görmədiyiniz qızlarla tanış edəcəyəm. Onlardan birisi Mümtəhnuddövlənin qızı Afət xanım, o birisi Məmmədəli şahın sevgilisi eMünisi-xəlvətə, başqa birisi də Sarimiddövlənin nəvəsi «Ərusi-aləmə? xanımdır. Elə qızlardır ki, onların üstündəki zinət bütün Təbrizin dövlətini alıb-satar. Tütünçüoğlu: – Sözümüz nədir, gəlsinlər, görək nə cür xanımlardır? – dedikdə Tacıqızı: – İndi deyin görüm dul arvad olsun, yainki qız? – Necə yəni dul? Çox da qoca deyillər ki? – Pah, kül başına! Mənim evimdə qoca nə gəzir? Mən boyda, mən buxunda, mən gözəllikdə olsalar necədir? Birisi bir həftənin, o birisi doqquz günün gəlinidir. İkisi də vardır ki, hələlik üzləri naməhrəm üzü görməmişdir. Hərgah yalan deyirəmsə axundun oxuduğu Allah kalamı mənə qənim olsun, – dediyi zaman Quluzadə: – Allah eləməsin, Züleyxa xanım! Elə sözü niyə deyirsən? Doğrusu, adam bəzi sözləri deməyə utanır da. Allaha şükür, biz də çox nanəcib yerin adamı deyilik, bizim də özümüzə görə ad-sanımız var, dövlətimiz var. Lakin adam sözün açığın deməyə utanır. Molla Qurban bu söhbətlərdə qalxıb evdən çıxdı, Tacıqızı isə gülərək Quluzadəyə dedi: – A bic haramzada, axund anladı ki, meyilin məndədir, ona görə də durub eşiyə çıxdı. – Axund bu açıqlıqda sözü də anlamayacaqdırsa, daha nə axunddur? – Heç elə şey ola bilərmi? Mən ona ömürlük siğə olmuşam. – Niyə də ola bilməsin? Beşcə tümən qoyarıq onun qabağına, on beşcə tümən də qoyarıq sənin qabağına, iş qurtarıb gedər. – Onda da gərək axund birsaatlığa mənim siğəmi geri oxusun. – Belə ha, atacığazın oldu rəhmətdə. – Qoyun qızları da çağırım gəlsin, bəlkə, onlardan birini gözünüz tutdu. Elə qızlardır ki, yel əssə yanaqlarından qan açılar, şamama kimi canlardır. Tacıqızı sözünü bitirdikdə Tütünçüoğlu da cibindən iki rus qızılı çıxarıb yerə atdı: – Götür bunları da göndər məzə gətirsinlər, yenə də lazımdır, verək. Sən bilirsən ki, Təbriz uşağı kef çəkəndə kisəsinin ağzını bağlamaz. Tacıqızı onluqları götürüb cibinə saldıqda: – Çox sağ olun, mən sizi comərd oğlan tanımasaydım, heç qapımı üzünüzə açmazdım. Tacıqızı qalxıb qızları çağırıb gətirmək üçün o biri otağa keçdi, bir azdan sonra Molla Qurbanla bərabər otağa qayıdaraq, pərdəni qaldırdı və səslədi: – A qızlar, utanmayın, durub bura gəlin, yad adam yoxdur, özümüzkülərdir. Qaraməlik cahilləridir, boy-buxunlu, sünbülbığlı oğlanlardır. Qızların gəlməsi uzun dəqiqələr çəkdi, nəhayət, Tacıqızının özü gedib onları otağa gətirdi. Doğrudan da, onların üstündə olan zinətlərin qiymətini təyin etmək mümkün deyildi. Onların naməhrəmə üzünə görünməsi sanki çox çətin idi. Tacıqızı onların qara ipək çarşablarını götürənə qədər xeyli əziyyət çəkdi. Onların çarşabları götürüldü, lakin onlar Tacıqızının tərif etdiyi kübar ailələrdən çıxan qadınlar yox, Təbrizdə bütün əxlaqsızlıqları ilə məşhur olan qaraçı qızları idi. Bunlardan birisi vaxtı ilə amerikalı qızı miss Hannanı fala baxdırmaq bəhanəsi ilə aldadıb Mahmud xan və Rəfizadə üçün aparan və özünü Şümşad xanım adı ilə tanıtdıran qaraçı qızı Hüsni xanım, o biriləri Xoşu, Səlimə və Teybədən ibarət idi. Tütünçüoğlu bunları çox gözəlcəsinə tanıyırdı. Vaxtı ilə Həsənağa bunların hamısının saçlarını kəsib var-yoxlarını soymuşdu. Qadınlar özlərini baha satmaq məqsədi ilə çox utana-utana oturdular. Tütünçüoğlu Hüsni xanımı siğə etməyə razı oldu. Quluzadə isə Tacıqızının üzünə baxıb durmuşdu. Məsələ Molla Qurban üçün də aydın idi. Molla Qurban bunun üçün birinci növbədə Tacıqızını boşadi. Heç şübhə yoxdur ki, bu da oyun idi, çünki Tacıqızı Züleyxa Molla Qurbanın arvadı deyildi, onun vəzifəsi Tacıqızının evində oturub gələnlərə siğə oxumaq və fahişəliyi rəsmiyyətə salmaq idi. Siğə haqqı hər qadına bir Nikolay onluğu, axundun zəhməti isə Hüsni xanım üçün bir tümən, Tacıqızı üçün isə beş qran idi, çünki Hüsni xanım hələlik ərə getməmiş dqızə idi. Əlavə olaraq Tacıqızı öz zəhmət haqqında on manat aldı, başqa üç nəfər qız da gəlib boş qayıtdıqları üçün bər birisi bir tümən başmaq yırtmaq və bəzək sərf etmək haqqını aldı. Hər iş qurtarmışdı, indi isə durub başqa otağa keçmək lazım idi. Molla Qurban tək qalmadı, o da Tacıqızının təklifinə görə Çopur Səlimənin siğəsini özünə oxudu və durub birlikdə kef üçün, məzə üçün başqa otağa keçdilər. Üç nəfər azad qalmış qaraçı qızlarını da özləri ilə bərabər götürdülər. Şərab məclisi düzəldi. Molla Qurban da Tütünçüoğlunun təklifinə görə şərab büsatının başında əyləşdi. Hələ məclis qızışmadan Tütünçüoğlu çölə çıxmaq bəhanəsi ilə Həsənağa və onun yoldaşlarının nə vəziyyətdə olduqlarını yoxladı. Hələlik Kazım Davatgəroğlu və Sallax Süleyman gəlməmişdi, Tütünçüoğlu otaqdakıların məsələsini bitirmək üçün qayıtdı. Şərab məclisi qızışmışdı, kamança Tacıqızının dizinin üstündə idi. Xoşu xanım isə dəfi qulağının dibində tutub oxuyurdu: €Xuni-aşiqlə piyaləm dəmbədəm ləbrizdir, Qaşlarım peykan, nigahim fitneyi-Təbrizdirə. Xoşu xanımdan sonra, Hüsni xanım: eQönçələr açdı cəmalın ruxi-aləm görcək, Bülbülün təbi gəlib coşə məqalim görcəkə. – deyə ona cavab verdi. Uzun vaxt burada oturmaq lazım gəlmirdi, çünki Kazım Davatgəroğlu ilə Sallax Süleymanın gəlmək vaxtı idi. Buna görə də Tütünçüoğlu qızlara əmr etdi: – Durub Molla Qurbanın ətrafında oturun! Qızlar bunu zarafat hesab edərək mollanın ətrafında oturdular. Sonra da Tütünçüoğlu Molla Qurbana əmr etdi: – Götür əmmaməni başına qoy! Molla buna etiraz edərək: – Yaxşı deyil, peyğəmbər nişanəsi ilə şərab məclisində oturmaq yaramaz, – dedikdə Tütünçüoğlu ona bir şillə vurdu: – Həyasızın birisi, peyğəmbər nişanəsi ilə fahişəxana saxlamaq olarmı? Tacıqızı durub dışarı çıxmaq istədikdə Quluzadə tapançanı çəkib onu dayandırdı: – Otur yerə! Yerindən tərpənənin başını qopardaram, – dedikdə o, titrəyə-titrəyə oturdu və: – Yaxşı evim yıxıldı, öz əlimlə öz qapımı bağladım. Allah xatirinə, pullarınızı verim, özünüz də kefinizi çəkib gedin. – Biz bura kef üçün yox, bu fahişəxananı dağıtmaq üçün gəlmişik. Qaraçı qızları özlərinin tora düşdüyünü yəqin etdiklərindən ağlayır və üst-başlarındakı zinətləri götürüb gizlədirdilər. Quluzadə mollaya əmr etdi: – Al şərab piyaləsini əlinə, özün də tərpənmə, şəklini götürəcəyəm! Quluzadə fotoaparatı çıxarıb qaraçı qızları ilə bərabər Molla Qurbanın şəklini götürdü, sonra da Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını qırxdı. Növbə Tacıqızına və başqa qaraçı qızlarına yetişdi. Onlar başlarının qırxılmamaları üçün hər nələri varsa aralığa tökdülər. Tacıqızı sandıqdakıları, xalça altında və torpaq içində hər nəyi varsa gətirib təslim etdi. Quluzadə və Tütünçüoğlu bütün zənginlikləri yığıb bağladı və qaraçı qızlarının başını qayçılamağa başladı. Sonra da Tacıqızının libasını Molla Qurbanın əyninə keçirib şəklini aldılar. Tacıqızına isə Molla Qurbanın libasını və əmmaməsini geyindirib əksini götürdülər. Molla yalvarır, qaraçı qızları isə titrəyirdi. Tütünçüoğlu hər işi bitirdikdən sonra: – Sizə neçə kərə xəbər verilmişdi ki, bu işlərinizdən əl çəkin, Təbriz qadınlığını fəlakətə və əxlaq pozğunluğuna çəkməyin! Bu sizin əməllərinizin mükafatı deyil, bu cəza sizin üçün çox azdır, ikinci kərə sizin cəzanız ölümdür, – dedi. Sonra da onların hamısını bir-birinə bağladılar. Molla kənarda qalmışdı. Molla Qurbanı bu biri otağa keçirib qapını bağladılar. Həsənağanın yoldaşlarını da çağırıb otağa gətirdilər, küçə qapısını da içəridən bağladılar. Molla Qurban başında qızıl araqçın, əynində al ipəkdən don, ayağında atlaz şalvar olaraq ayaq üstündə durub yalvarırdı: – Məni öldürməyin! Mənim abrımı aparmayınl – Sənə tapşırırıql – Tütünçüoğlu dedi: – Qapı vurulan kimi gedib açacaqsan, bir kəlmə danışsan öldürəcəyik. Hərgah sözümüzə əməl etsən buraxılacaqsan. bər nn” Molla Qurban bütün təklifləri qəbul etdi. Oturub gözləyirdilər, Kazım və Sallax Süleymanın gəlməsi bir saatdan artıq çəkdi, həyətə işıq düşməmək üçün lampanı keçirmişdilər, nə həyətdə, nə də evdə işıq yox idi. Qapı vuruldu, iki nəfər Molla Qurbanı götürüb qapını açmaq üçün apardı. Molla Qurban heç bir söz demədən qapını açdı və tapşırığa görə də tez dönüb evə qayıtdı. Kazım və Süleyman isə onun dalınca Tacıqızının otağına girdilər. Lampanı yandırdılar, işıqlandıqda Kazım və onun yoldaşı gözünü açıb beş nəfərin əlində onaçılan tapança durduğunu gördü. Kazım: – Cahillik belə olmaz, – dedi. – Cahillik belə də olar! – Quluzadə cavab verdi və onları tərksilah etməyə başladı. Onların hər ikisini qaraçı qızları olan otağa keçirdilər. Qaraçı qızlarının libasını onlara, onların libasını isə qaraçı qızlarına geyindirib bığlarını, birçəklərini kəsdilər və bir-birinə bağlayıb qapını üzlərinə qapadılar. Onlar Tacıqızının otağından çıxıb, Molla Qurbanı da həyətdə ağaca sarıyıb getdilər. Gök. Qadınlar üçün kinoteatr təşkil edilmişdi. Bu təşəbbüs böyük müvəffəqiyyətlər qazanırdı, buralara yalnız aşağı təbəqə deyil, aristokrat və kübar qadınları da gəlirdi. Kinoteatrların qapısında əyan qadınlarını daşımaq üçün yüzlərcə fayton dururdu. Təbriz qadınları bu yeniliyi sevirdi, çünki onlar bütün ömründə ancaq məscidləri, qəbiristanları, ziyarətgahları və ümumi hamamları görmüşdü. Qadın kinoteatrlarının hədsiz mənfəət verdiyini görüncə, bir neçə İtaliya, İngiltərə təbəələri, hətta bir neçə amerikalı da kinoteatr düzəltdi. Çar konsulu və onun əlində alət olan Səməd xanın açdığı otuza qədər mərsiyə yerləri müvəffəqiyyət qazanmadı, mərsiyə yerlərinin bir çoxu qapanmağa başladı. Hacı Səməd xan və çar konsulu kinoteatrların qapadılması üçün o qədər də zəhmət çəkmədi. Günlərin birində kinoların haram olduğuna dair Mirzə Kərim ağa imamcümə və Mirzə Həsən müctəhidin imzası ilə fars dilində belə bir fitva çıxdı: €Əzbəs ki, kinoteatrlar qadınları əxlaq pozğunluğuna öyrədir, qadınlar kinoteatrlarda şəriətin ziddinə olan şəkillər görür, kinolarda müsəlman qadınları naməhrəmlərin üzünə azad baxır və oralarda xarici qadınların kişilərlə öpüşdüyünü görür, müsəlman qadınları oralarda eşqbazlığa öyrənir, buna görə də müsəlmanlara əmr olunur: hansı qadın kinoteatrlara getsə, həmin qadın ərindən boşanmış hesab olunur! Arvadlarını öz rizası ilə kinoteatrlara buraxan kişilər isə məscidlərə və ziyarətxanalara buraxılmayacaqlarl Arvadlarını kinolara buraxan kişilərin meyiti müsəlman qəbiristanında dəfn edilməyəcəkl Arvadlarını kinoteatrlara buraxan kişilərin şahidliyi məhkəmələrdə qəbula keçməyəcəkdirlə Bu fitva çıxandan bir neçə gün sonra kinoteatrların bir neçəsi qapandı. Bu hadisə Təbriz qadınları tərəfindən bir müsibət xəbəri kimi qarşılandı. Bu fitva yalnız qadınlar tərəfindən deyil, proqressiv kişilər tərəfindən də nifrətlə qarşılandı, lakin əksəriyyət avam xalqın tərəfində idi, onlar buna etiraz etməyi bacarmadı: bir çox hadisələrdə olduğu kimi yenə də avamlara təslim oldular, xalq öz qadınlarını mədəni həyatdan mən etməyə başladı. Rus təbəələrinə məxsus olan kinoteatrlar hələlik qapanmamışdı. Lakin oraya qadınlardan bir nəfər də olsun girə bilmirdi, çünki müctəhidlərin fitvasının müdafiəsində hökumət qüvvəsi iştirak edirdi. Bütün kinoteatrların qapısında gizli adamlar, xəfiyyələr və casuslar durub ora gedənləri yoxlayırdı. Hacı Səməd xanın qadın xəfiyyələri işə düşmüşdü. Onlar kinoları nəzarət altına almışdı. Müctəhidlərin fitvası çıxandan bir həftə sonra rus təbəələrinə məxsus kinoteatrların qapısına belə bir elan yapışdırılmışdı: «QADINLAR ÜÇÜN AÇILMIŞ KİNOTEATRLAR MƏNFƏƏT VERMƏDİYİ ÜÇÜN HƏMİN TEATRLAR AYIN BİRİNDƏN ETİBARƏN KİŞİLƏRƏ VERİLƏCƏKDİR. MÜDRİYYƏTə Ümumiyyətlə, İranda mədəniyyətlə mübarizə aparan qara qüvvələrə qarşı mədəniyyət vasitəsi ilə mübarizə aparmaq mümkün deyildi. Mövhumatı boğmaq və ona üstün gəlmək üçün mədəni təşəbbüslər aciz idi, çünki İranda həyata keçirilən bütün siyasi və iqtisadi macəralar mövhumat üzərində əsaslanırdı, çünki mövhumat üzərində əsaslanan bütün macəralar həm hökumət, həm də ruhanilər tərəfindən müdafiə olunurdu. Təbrizdə toylarda, ziyafət və kef yerlərində, tiryəkxanalarda oxuyub-çalan cəngilər və qaraçı qızları Hacı Səməd xan tərəfindən siyahıya alınmışdı. Onlar gündəlik xəbərləri Hacı Səməd xana verməli idilər. Buna görə Təhminə xanım və sairələri qadın mərsiyələri oxunan yerləri yoxlamaq üçün göndərilmişdi. Təhminə xanım bir neçə gün bu yerləri gəzəndən sonra müvəffəqiyyətli xəbərlər gətirməmişdi. Bu xəbərlərə əsasən qadın mərsiyəxanlarını təmin etmək mümkün olmayacaqdı, çünki qadın mərsiyəxanları mərsiyə oxuduğu zaman yalnız Hacı Səməd xan və çar konsulu tərəfindən aldıqları pullarla kifayətlənməyərək mərsiyə yerinə gələn qadınlardan da nəzir alırmışlar. Qadınların mərsiyəxanlara verdikləri nəzir köhnə tuman-köynək və sair şeylərdən ibarət idi. Qadın mərsiyəxanları mərsiyədən sonra yığdıqları paltarları qadın bazarına aparıb satırdılar, yaxud öz tanışları vasitəsilə satdırırdılar. Onlar köhnə paltarlardan başqa mərsiyəyə gələnlərdən bir qran, on şahı və bundan daha az para almağa tənəzzül edirmişlər. Avam Təbriz qadınları öz əyninin köynəyinə qədər, cib dəsmalı, baş şalına, hətta başının köhnə çarşabına qədər imamın yolunda verirmişlər. Səməd xanın əmrinə görə, Kərbəla hadisəsinin tarixi və İmam Hüseyn macərası məktəblərdə də bir dərs kimi keçilirdi. Cümə axşamları bütün məktəblərdə mərsiyə oxunmasına əmr verilmişdi. Təhminə xanımın dediyinə görə, qadın hamamlarında da mərsiyə oxuyurmuşlar. Çox iyrənc məsələlərdən birisi də budur ki, mərsiyə oxuyan qadınların əksəriyyəti əxlaqsız qadınlardan, qaraçı qızlarindan və qocaldığı üçün siğə bazarına gedə bilməyənlərdən ibarət idi, çünki siğə olmaq üçün gözəllik və cavanlıq tələb olunurdu. Yaşı keçən qadınlar isə başqalarını aldadıb «ticarət bazarınan çəkir, yainki mərsiyəxanlıq edir və yaxud savabından ötrü mollalara siğə olurdular. Birinci növbədə bunları camaata tanıtmaq lazım idi. Buna görə də mərsiyə evlərinin və başqa yerlərin divarlarına təxminən bu məzmunda bir intibahnamə yapışdırılmışdı: Təbriz camaatı! Sizin qadınlarınızı siğəxanalardan, ziyarətgahlardan, məqbərələrdən qurtarmaq üçün qadın əyləncələri və kinoteatrlar təşkil edilmişdi, sizin qadınlarınız da başqa mədəni xalqların qadınları kimi dünyanı görməyə və mədəni ocaqlarda iştirak etməyə başlamışdı. Lakin buna Hacı Səməd xan Şücaüddövlə razı olmadı. O, qadın teatrlarını qadın mərsiyələri ilə əvəz etdi, çünki ona qadınların mədəniləşməsi əl verməzdi. Təbriz qadınlarının inqilabda iştirak etməsi və öz azadlığı uğrunda çalışması çar hökuməti və onun nökəri olan Hacı Səməd xanın gözünü qorxutmuşdu. Bunun üçün də Təbriz qadınlığının köhnə mövhumat dövrünə qayıtması və uşaqlarını da bu dövrə məxsus mövhumatla böyütməsini məsləhət gördülər. Təbriz camaatı! Sizin qadınlarınıza mərsiyə oxuyanlar kimlərdir? Ələkçiqızı Teybə, Tehnəli Qasımqızı Xurşid, süpürgəsatanqızı Dildar, qabyalayanqızı Molla Səba, küldaşıyanqızı Kəblə Zeynəb, Payanlı Məşədi Səkinə və sairlərini hansı biriniz tanımırsınız? Hazarda sizin qadınlarınız bunlardan tərbiyə alır. Təbriz xalqı! Utanın, gələcəyin nifrət və lənətini öz boynunuza götürməyin. Əl çəkin gündə bir hökumətə satılan müctəhidlərin ətəyindən! Onlarla bərabər çar hökumətinə satılmayınlp Bu intibahnamə təsirsiz qalmadı. Qadın mərsiyələrinin sayı azalmağa başladı. O yerlərə gedənlər çox az idi, lakin bununla aparılan mübarizəni davam etdirmək lazım gəlirdi. Gizli komitə mərsiyə yerlərini bir daha ifşa etmək məsələsini Bağır Hacıoğlu, Hacağa Əvəzoğlu, Yavər Xəliloğlu, Ələkbər Kazımoğlu və sairlərinə tapşırmışdı. kok Axşama az qalırdı, qadın mərsiyələrinin bitmək vaxtı idi. Qadınlardan bir çoxu göz yaşlarını silə-silə küçəyə çıxırdı. Söhbətlərin məzmunu qadın mərsiyəxanı Molla Səlmənin oxuduğu mərsiyənin mövzusu ilə əlaqədar idi. – Molla Səlmə Təbrizdə bir dənədir! – Mən Müslümuşaqlarının mərsiyəsini çox eşitmişdim, amma Molla Səlmə oxuyan kimi eşitməmişdim, adamın beynində yaş qoymur. – Oxumaqda da çox iş vardır!.. – Yox, Molla Səlmədə olan kitablar başqasında yoxdur. – Tapşırmışam, özünə də bir zərli çarqat vədə vermişəm, sabah, sağlıq olursa, Fatimeyi-Zəhra xanımın ərə getməsi barəsində oxuyacaqdır. – Kəblə Zeynəbin də nəfəsi təsirlidir, məni ondan başqa heç kəs ağlada bilməz! – Molla Səbayə nə deyirsən bəs?1 – O ancaq cənab Qasimin evlənməsini yaxşı oxuyur. Qaranlıq düşürdü, rübəndlər götürülmüşdü, qadınlarla tanış olmaq üçün gələn arvad düşkünləri də gözlərini mərsiyə evinin qapısına dirəmişdi. Onların da söhbətləri ziyarətgahların qapısını kəsib duran siğə düşkünlərinin söhbətini xatırladırdı. – Hacı Məmməd ağa Kovganinin övrətidir. Özü qoca, arvad isə cavan. Eybi orasındadır ki, bir az utanır, məqbərə ağzında iki dəfə salam vermişəm, gülüb, keçib gedibdir. – Məşədi Abbas ağa kisəçinin övrətidir, indi baxım görüm Molla Sadıq nə iş görəcəkdir. Yaxın günlərə söz veribdir. – Salman xanın bacısıdır. Köpək oğlunun qızı Züleyxa dəxi bir bismillah olub göyə çəkilibdir. Söz vermişdi ki, gətirsin. – Tacıqızını daha görə bilməzsən... – Nə üçün? – Kazım Davatgəroğlu və Sallax Süleymanın məsələsini eşitmədinmi? – Necə ki, eşitmədim, bığlarını, birçəklərini kəsiblər. – Əllərinə dönüm, igid belə olar hal – Tacıqızının da saçlarını kəsiblər. – Bəs siğə oxuyan Molla Qurbanı niyə demirsən? – Ona nə olubdur? – Onun saqqalını, bığlarını qırxıb, özünə də Tacıqızının paltarını geyindirib ağaca bağlamışdılar. – Demək nə lazımdır! Özüm tamaşalarına getmişdim. – Özüm də orada idim. Bütün Təbriz tamaşalarına yığışmışdı. – Yəni öz gözünlə gördünmü? – Sən öləsən ikisinə də qaraçı qızlarının paltarlarını geyindirmişdilər. – Dünən eşitdim ki, ikisi də çıxıb Tehrana qaçıbdır. – Yaxamız qurtardı. Bu söhbətlərə Bağır Hacıoğlu ilə Hacağa Əvəzoğlu da kənardan durub qulaq asırdı. Bir dəstə qadın mərsiyə yerindən çıxıb küçədəki qadın dəstələrinə qoşulduğu vaxt iki nəfər də rübəndli qadın kənardan gəlib dəstəyə qoşuldu. Bağır Hacıoğlu və Hacağa Əvəzöğlu irəli gəlib dəstənin içinə girdilər və əllərini atıb kənardan dəstəyə qoşulan qadınların rübəndini üzündən darüıb aldılar və çarşablarını götürüb qışqırdılar: – Gədə, həyasız köpək oğlanları, ağzınızı ora yetiribsiniz ki, övrət paltarı geyib xalqın arvadlarına baxırsınız?l Ey müsəlmanlar, görün qaraçı qızı Səlmə başınıza nə fəlakət gətirir?l Qaraçı qızı lotulardan pul alıb onları sizin övrətlərinizin içərisinə, mərsiyə məclislərinə buraxır. Başına çarşab salıb gələnlər Yavər Xəliloğlu və Ələkbər Kazımoğlu idi. Onların çarşabları atılan kimi üzvlərini qadınlara göstərdilər və sürətlə aradan çıxıb qaçdılar. Bağır Hacıoğlu, Hacağa Əvəzoğlu isə onları tutub saxlamaq bəhanəsi ilə dallarınca qaçıb aradan çıxdılar. Qadınlar Molla Səlmənin evini daşa basmağa başladı, bir saatın içərisində bu xəbər ildırım sürətilə şəhərə yayıldı, camaat hər bir məhəllədə tökülüb arvad mərsiyə məclislərini dağıtdılar. Hər tərəfdən səslər gəlirdi: – Vurun, bu qaraçı qızlarını! – Vurun, İmam Hüseyn təziyələrini fahişəxanaya döndərənləril Ara qarışdı və müəyyən adamlar tərəfindən təhrik edilən xalq bütün arvad mərsiyəxanlarını tutub müctəhidlərin yanına sürüdü. Bunların içərisində bir neçə gün bundan əvvəl başları qırxılmış qaraçı qızları da var idi. Bu şuriş iki gün çəkdi. Məhəllə camaatı qaraçı qızlarını tutub başlarını qırxdı, özlərini çılpaq eşşəklərə tərsinə mindirib bazarları gəzdirməyə başladı. Qadınlar və uşaqlar küçələrdə onların üstünə daş, kəsək atırdılar. Təbrizlilərin həyəcanını yatırmaq üçün Hacı Səməd xan mollaları və müctəhidləri səfərbər etdi və bir neçə qaraçı qızını Təbrizdən xaric etməklə məsələni ləğv etdi. Hacı Səməd xan və çar konsulu tərəfindən başlanan bu xain təşəbbüs darmadağın edildi, arvad mərsiyəxanlığı məsələsi kökündən ləğv oldu. Lakin onların təşkil etdiyi İntizariyun firqəsi öz işini aparırdı. Konsulun və Hacı Səməd xanın parası ilə Kərbəlaya göndərilənlərin siyahısı tutulmuşdu, onlar yavaş-yavaş öz casusluq vəzifələrini bitirmək üçün Beynəlnəhreynə yola düşürdü. Küçələrdən çavuş səsləri bir-birinin dalınca eşidilirdi: «Görsün səfər tədarükünü karvan köçür, Hər başda var əlaməti-sevdayi-Kərbəlabı – səslərindən qulaq tutulurdu. Pul alıb vəzifə ifası üçün Kərbəlaya gedənlərdən başqa bir çoxları da hazırlıq görüb öz parası ilə gedirdi. Evini girov qoyan, mülkünü satan, borc alıb ziyarətə gedənlər də var idi. Zatən Təbriz xalqında təqlidçilik Şərqin başqa xalqlarına nisbətən bir neçə qat artıqdır. Təbrizdə varlılar tərəfindən başlanan bir təşəbbüsü az sərmayəli bir dükançıda da görmək mümkündür. Varlı İmam Hüseyn təziyəsi saxladısa, bir dükançı da saxlamalıdır, dövlətli imam ehsanı verdisə, ortabab da pul borc götürüb imam ehsanı verməlidir. Tam ziyarət məsələsi qızışdığı günlərdə Təbriz şəhərinin divarlarına bu məzmunda bir intibahnamə yapışdırıldı: €Təbriz camaatına! 1907-ci ildən başlayaraq 1911-ci ilə qədər Təbriz xalqının göstərdiyi qəhrəmanlığı İran inqilabının tarixi heç bir vaxt unutmayacaqdır. Azərbaycan xalqı, daim İran inqilabına təkan vermişdir. İnqilab duyğularını heç bir qüvvə sizin zehninizdən çıxara bilməmişdir. Siz Nəsrəddin şah, Müzəffərəddin şah və onun oğlu Məmmədəli şah dövründə də mərkəzi hökumətə təsir etməklə öz fikrinizi həyata keçirmişsiniz. Hazırda çar istilası sizi qorxutmasın, siz bütün mübarizələrdə müvəffəqiyyət qazandığınız kimi, bu mübarizədə də müvəffəqiyyət qazanacaqsınız. Təbriz camaatı! Son günlər Hacı Səməd xan və Təbriz konsulu sizin üçün təzə macəra hazırlamaqdadır. Onlar mövhumi fikirlərlə sizin inqilabi şüurunuzu çürütməyə və sizi inqilabdan əvvəlki zamanlara qaytarmağa çalışırlar. Siz Hacı Səməd xanın düzəltdiyi siğəxanaların iç üzünü gördünüz, oralarda Təbriz qadınlığının nə kimi fəlakətlərə cəlb olunduğunu anladınız. Qadınlar üçün düzələn mərsiyə məclislərinin lotuxanaya döndərildiyini yəqin etdiniz. Düşmənlər sizin uşaqlarınızı gözü açılmadan ağlamağa və acizliyə öyrədir, xalqın düşməni məktəbləri mərsiyə məclislərinə, dərsləri isə İmam Hüseynin Kərbəla tarixinə dəyişdirmişdir. Gecələr Təbriz küçələrində: €Ya sahibəzzəmanlb deyə qışqıranlar kimlərdir? Onlar çar konsulxanasının xəfiyyələri, casusları deyilmi? Konsul və Hacı Səməd xanın Kərbəla ziyarətinə göndərdiyi kimlərdir? Kərbəladan, Bağdaddan siyasi xəbərləri yığıb konsula və ingilis əks-kəşfiyyatına göndərmək üçün gedən casuslar deyildirmi?1 Təbriz camaatı! Cərgənizdə olan avam kütlələrə anladın, onlara bu xəyanətin üç üzünü göstərin, onların bu casus təşkilatına yazı!masına imkan verməyin. Hacı Səməd xan qadınlar kinoteatrlarını nə üçün bağlatdırdı? Çünki onun vasitəsilə Təbriz qadınları siğəxanalardan, məqbərələrdən, ziyarətgahlardan qurtarıb özlərini mədəni bir əyləncə içində görəcək və mövhumatdan uzaqlaşacaq idilər. Hacı Səməd xan xalça fabriklərinə, əbaçılığa, kisəçiliyə gedən qadınları nə üçün fabriklərdən eşiyə tökdürdü? Çünki siğəxanalar və qadın bazarları boşalmağa başlamışdı. Təbriz camaatı! Seyid İbrahim məqbərəsi kimi görüş evində öz namusunu satanlar kimlərin qadınlarıdır? Siz Sahibüləmr məscidindəki rüsvayçılığı eşitmədinizmi? Xalqın kəbinli arvadını başqalarına siğə verən mollaları tanımadınızmı? Siz xalqın siğəxanaları nə üçün dağıtdığını bilmədinizmi?1 Hacı Səməd xan bununla sizin inqilabi şüurunuzu çürütmək, sizi vicdansızlığa, namussuzluğa sürükləmək istəyir. Siz bu xainlərlə mübarizə aparın! Yorulmayınl Siz köməksiz deyilsiniz! İnqilab komitəsiə. * * * Azərbaycan valisi ilə onun müavini sərdar Rəşid arasında mübarizə davam edirdi. Sərdar Rəşidin özü də Hacı Səməd xanı nüfuzdan salmaq üçün Azərbaycandakı hərc-mərcliyi dərinləşdirir və bunun məsuliyyətini Hacı Səməd xanın öhdəsinə atmağa çalışırdı. Azərbaycan bu vəziyyətdə ikən xarici avantüra təhlükəsi də yaxınlaşırdı. 11-ci ildə Əmir Heşmətin ruslara qarşı qaldırdığı üsyandan sonra Əmir Heşmətin dəstəsi ilə bərabər Osmanlı torpağına çəkilən Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi Türkiyə-Rusiya ixtilafindan istifadə edərək, Təbrizi işğal etmək xəyalına düşmüşdü. Ənvər paşa rusların diqqət-nəzərini İran cəbhəsinə cəlb etmək, bununla da Sarıqamış üzərinə hücum edən Əlehsan paşa öz ordusunun vəziyyətini yüngülləşdirmək məqsədi ilə İstanbulda Təbriz üzərinə hücum etmək üçün bir dəstə təşkil etmişdi. Bu dəstəyə İstanbuldakı İran qaçqınlarını cəlb etmək və eyni zamanda İran daxilində dəstənin qələbəsini təmin etmək məqsədi ilə Ənvər paşa öz avantürasına Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçini də cəlb etmişdi. Hələ Kəblə Hüseyn və Hacı Mirzağa Kərkük və Səlmaniyyə tərəflərində dəstəyə könüllülər səfərbərlik etdiyi zaman Təbrizdəki demokratlara öz fikirlərini bildirmiş və yaxınlarda bir dəstə ilə Azərbaycana girəcəklərini xəbər vermişdi. Bir neçə gün sonra Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçinin üçüncü məktubunu aldıq. Bu məktubda Mirzağa öz fikrini çox açıq söyləmişdi. Məktubda yazılmışdı: «Möhtərəm rəfiqlərl Aldığımız məktublardan məlum olur ki, sərkarların vücudları əlhəmdülillah salamat və səhihdir. Ümid edirik ki, beynəlxalq vəziyyət bizi tez bir zamanda görüşdürə biləcəkdir. Biz Azərbaycanı çar istilası altından qurtaracağımız bayramı sizinlə birlikdə keçirəcəyik. Osmanlı dövlətinin Avstriya və Almaniya ittifaqına qoşulub Rusiya əleyhinə müharibəyə başlaması, İran inqilabçılarının qarşısında böyük bir məsələ qoydu ki, o da İranın bu ittifaqa qoşulması lüzumundan ibarətdir. Möhtərəm rəfiqlər yazmaq istədiyimiz şad xəbərlərdən birisi də budur ki, «İttihad və tərəqqi» firqəsi rəhbərləri birinci növbədə öz qarşılarında Azərbaycanı ruslardan təmizləmək məsələsini qoymuşlar, onlar bu barədə hər nə məsarif və canlı qüvvə lazım gəlirsə, öz öhdələrinə götürüblər. Biz təzə və xarici bir qüvvətlə Azərbaycana daxil olmaqdan əvvəl, siz də Təbriz əhalisi arasında osmanlı-alman və İran ittifaqı lüzumunun zəminəsini hazırlayasınız. Burası bizim üçün günəş və su kimi lazımdır. Möhtərəm rəfiqlərl Siyasi məsələlərdən sizə dərs vermək artıqdır, biz hamımız bilirik ki, İranın rus və ingilis istilasından qurtarması və müstəmləkə Şərqin əbədi xilası osmanlı-alman silahının qalib gəlməsindədir. Buna görə də biz İran demokratları siyasi vəziyyətin bizə qazandırdığı bu fürsətdən istifadə etməyə çalışmalıyıq, biləks tarix qabağında böyük bir məsuliyyət daşıyacağıq. Möhtərəm rəfiqlərə bunu da xatırlatmalıyıq ki, bu təşəbbüsə mane olanlar Osmanlı dövləti tərəfindən böyük cəza görəcəkdir. Siz bu nöqtələri də xalqın qabaqda gedənlərinə anlatmalısınız, Osmanlı silahının qarşısına çıxan və Almaniya qüvvətinin qabağında duran yalnız İranın yox, bütün Şərqin səadəti yolunda tikan əkmiş olacaqdır ki, bunu da tarix bağışlamayacaqdır. Hazırda bütün əzilmiş xalqlar Almaniya-Türkiyə ittifaqından istifadə edib öz istiqlalını bərpa etməyə çalışır. Biz bu fürsəti əldən buraxsaq, daha heç vaxt müvəffəqiyyət qazana bilmərikbə Biz müharibənin əvvəllərində belə, alman-osmanlı silahının qalib gələcəyinə inanmırdıq, çünki Almaniya ittifaqında olan Avstriya və Türkiyə dövlətlərinin daxilindəki müxtəlif xalqların əhvaliruhiyyəsi də bizə bunu nişan verirdi. Osmanlı-alman silahının qələbəsinə inanmaq olsa belə, adını inqilabçı qoyan Təbriz demokratlarının bir imperialistlə ittifaqa girib başqa bir imperalistə qarşı müba- TrizƏ aparması yaramazdı. Biz İranın Ənvər paşa avantürasına qoşulmasında ölkənin məhvini və müstəmləkə həyatının dərinləşməsini görürdük. İclasda olan yoldaşlardan birisi alman-osmanlı ittifaqı məsələsi aralığa gəldiyi zaman gülərək: – Çox mübarək olsun, bir ərdən boşanıb, başqa bir ərə gedirik, – dedi və bir çoxları da bunu təsdiq elədi. İclas Hacı Mirzağa Büllurinin və Hüseyn Fişəngçinin məktubunu müzakirə edəndən sonra, İranın bu avantüraya qoşulması işinə maneə törətmək, bu təşəbbüsü aralığa sürən Mirzağa Bülluri ilə əlaqəni kəsmək və müstəqil hərəkət etmək qərarını çıxardı. Şübhəsiz ki, biz osmanlı-alman və İran ittifaqına qarşı çıxdığımız zaman hər şeydən qabaq bizə rusofillik damğası vuraraq kafir ad- İandıracaq və avam kütlələri bizim əleyhimizə qaldıracaqlardı. Osmanlıların Təbrizi işğal etdikləri zaman Təbriz demokratlarını rusofil adlandırıb dar ağacına qaldıracaqları qorxusu da var idi. Təbriz demokratları iki qılıncın arasında qalmışdı. Onlar üçün osmanlı-alman təklifini qəbul etmək də, etməmək də qorxulu idi. Buna görə də Hacı Mirzağa Büllurinin məktubunun cavabını üç gün təxirə saldıq. Nə cür cavab verəcəyimiz haqqında düşünürdüksə də, bir yol tapa bilmirdik. Üçüncü gün idi, axşam çayını içəndən sonra yazı stolunun da- İnnda oturub düşünürdüm. Məcid də gəlib yanımda durmuşdu. Fikrim dağınıq olduğundan onun suallarına lazımi qədər cavab verə bilmirdim. Nəhayət, uşaq mənim təbii halımda olmadığımı hiss edərək, dönüb Ninanın üzünə baxdı. Nina uşağı mənim yanımdan uzaqlaşdırmaq üçün ona məşğuledici suallar verirdi, nəhayət, uşağı öz yanına alaraq dedi: – Görünür ki, səni yoran çətinlik mənə söyləməli məsələ deyildir, eləmi? – Nina, görünür ki, biz Təbrizdə ifa etdiyimiz vəzifələri yaxşılıqla başa vura bilməyəcəyik, – dedim. – Vəzifələri axıra yaxşı çatdırmaq üçün düşünmək və bacarmaq lazımdır. – Düşünmək yox, bacarmaq çox çətindir. Üç gündür ki, bu qədər düşünürəm, bir nəticə çıxara bilmirəm. – Dünyada insanın bacarmadığı bir şey yoxdur. – Nina, sən Əmir Heşmət üsyanından xəbərdar idin. Əmir Heşmətlə bərabər İstanbula qaçanların bir neçəsi orada İttəhadi-tərəqqi firqəsinin avantürasına qoşulmuşdur, İranı da bu avantüraya qoşmaq istəyirlər. Bizə isə burada xalqı hazırlamaq və onların gətirdikləri qüvvətlə bərabər çar hökuməti əleyhinə üsyan qaldırmağı təklif edirlər. Bir cahangirlə birləşib, başqa bir cahangirə qarşı mübarizə aparmaq bizə yaraşmaz. O biri tərəfdən də biz onların təklifini rədd edərsək, onlar Təbrizə girdiyi vaxt bizi rusofillikdə töhmətləndirib, xain hesab eləyəcəklər, eyni zamanda bu məsələnin İran demokratları arasında ikitirəlik salmaq qorxusu da vardır. Bir çoxlarının fikrinə görə guya İranın alman-osmanlı ittifaqlarına qoşulması məzlum Şərqə nicat verəcəkmiş. Bu qorxu yalnız bizi deyil, İranın gələcəyini təhdid edir, çünki alman və osmanlı silahı bu hərbdə qalib gəlsə, İranın çətin vəziyyəti dəyişməyəcəkdir. İran Almaniya imperializminin müstəmləkəsi şəklini alacaqdır. Bu isə çar müstəmləkəçiliyindən daha dəhşətli, daha qorxuludur. Bu sözlərdən sonra Nina qolumdan tutub qaldırdı və qələmi götürüb yazmağa başladı. Gecə saat birdə yazdığı cavabı oxudu: «Hörmətli rəfiqlərl Çox böyük bir sevgi ilə göndərdiyiniz rəfiqlik məktubunu aldıq, hər məsələdən qabaq salamatlığınız bizə lazımdır ki, ondan da əmin olduq. Göndərdiyiniz məktubu iclasda oxuduq, məktubda qeyd etdiyiniz məsələlər bir çox mübahisələrə səbəb oldu, aralığa müxtəlif fikirlər atıldı, lakin bunların heç birisi sizin qiymətli məktubunuzun tələblərinə cavab deyildir. Məktubda İranın gələcək səadəti üçün yazdığınız cümlələr bizim üçün qismən aydın deyil, nədənsə bu cəhətləri bir az örtülü keçmişsiniz. Əvvəla, osmanlılarla ittifaq məsələsi yalnız Azərbaycana aid olan bir məsələ deyildir, bu məsələ ümumi İran miqyasında həyata keçiriləcək bir məsələdir. Bu barədə mərkəzi hökumətin fikri bizə məlum deyildir. Hərgah biz mərkəzi hökuməti bir tərəfə buraxaraq ittifaq məsələsini öz başımıza həll etmiş olursaq, o zaman İran demokratlarının kütlələr içərisindəki nüfuzuna zərbə vurmuş olacağıq. Hazırda biz mərkəzi bir tərəfdə buraxıb İran-Türkiyə ittifaqı barəsində danışarsaq, heç şübhə yoxdur ki, Hacı Səməd xanın getdiyi yolu davam etdirmiş olacağıq. Biz yalnız mərkəzi hökumətin deyil, Tehrandakı demokratların da bu barədəki fikrindən xəbərdar deyilik. Ola bilər ki, onlar bizim fikrimizlə razılaşmadıqları üçün aralıqda ikitirəlik düşsün və qüvvətimiz iki cəbhəyə ayrılsın. Buna görə siz bu məsələni Tehranla razılaşdırıb nəticəsini bizə xəbər verin. Çünki bizim Tehran ilə heç bir əlaqəmiz yoxdur və bu əlaqəni düzəltmək də mümkün deyil. (Vəziyyəti çox yaxşı bilirsiniz, bu barədə təfsilatı lazım görmədik.) Hazırda Azərbaycanda hərc-mərclik və iğtişaş həddindən artıqdır. Çar konsulxanası iğtişaşın Təbrizə sirayət etməməsi üçün qəti tədbirlər görmüşdür. Buna görə də Təbriz xalqının azad hərəkət etməsinə heç bir imkan yoxdur. Hacı Səməd xan son günlərini keçirməkdədir. Çar hökuməti sərdar Rəşidi (Rəşidülmülk) onun yerinə hazırlamaqdadır. Sərdar Rəşid Baba bağında əyləşib hökuməti ələ almaq üçün hazırlıq aparır. Təbriz demokratları iki odun arasında qalmışdır. Mümkün olduğu zaman bu odun içindən çıxmaq və bir tərəfə çəkilməyi düşünürlər. Təəssüf olsun ki, bu imkanı da əldə etmək mümkün deyil. Hərgah mümkün olursa, məktubda bizim üçün aydın olmayan məsələləri tezliklə aydınlaşdırıb, ikinci məktubla bizə xəbər verin. İnqilab komitəsi). Nina məktubu bitirib mənə verdikdə gülərək dedi: – Buna ruslarda deyirlər ki, Nə balıqdır, nə də ətdirə. İndi qoy onlar bu məktubu oxuyub bizim onlara qarşı nə kimi bir cəbhə tutduğumuzu anlasınlar. Biz bu məktubda onların təkliflərini nə rədd edirik, nə də razılıq göstəririk. * * * Məzhəkələr məscidi Hacı Səməd xan bütün məscidləri və təkyələri canlandırdığı kimi, məşhur dübbələrl məscidini – Mir Müfid ağanın məscidini də rövnəqləndirməyə çalışırdı, çünki camaat bu məscidə bütün məscidlərdən daha artıq gəlirdi. Əmir bazarı və hallac bazarı kimi camaatın oynaq yerində olan bu məscid hər gün saat dörddən camaatla ağızbaağız dolu olurdu. Axşam saat dördə bir az qalmış məscidin qapısı camaatla dolu idi. Məşədi Kazım ağa mənim qulağıma pıçıldayaraq: " Dübbə - məsxərəçi deməkdir. – Burada dübbə olmayan bir sizsiniz, – dedikdə mən ona sual verdim. – Sizdəmi dübbəsiniz? – Lap böyüyündən, - deyə yenə də pıçıldadı və əlavə olaraq dedi ki: – Bir az yavaşdan danışın, burada danışmaq yaramaz, buradakı danışıqlar qaşla, başla, gözlərlə və əllərin işarəsi ilə olmalıdır. – Siz bu dübbəlikdən nə kimi ləzzət alırsınız? – Bu da olmasa Təbrizdə yaşamaq mümkündürmü? – Hansı əyləncəyə gedək? Hansı parka, hansı müsamirəyə gedək? Başımızın yorğunluğunu çıxarmaq üçün bir yerə getmək lazım deyilmi? Madam ki, bir yer yoxdur, onda məscidlərə gedib məsxərəçilik etməyə və vaxtı keçirməyə məcbur olacaqsan. – Bəs nə üçün camaat məscidə girmir? – Bunlar axundu gözləyir, bir az səbir edin, indi nə olduğunu görəcəksiniz. Camaat durub biri-biri ilə salamlaşır və danışırdı, lakin səs eşidilmirdi. Söhbətlərin hamısı Məşədi Kazım ağa deyən kimi baş, qaş, əl və gözlə ifa olunurdu, bəzən qulağını və bığını tərpədənləri də görürdüm. İnsan burada özünü ələ almağı bacarmırdı, gülməmək heç də mümkün deyildi, mən özümə sual verərək: «Bu hərəkətləri öyrənməyə bu adamlar nə qədər vaxt sərf etmişlər??? – deyirdim. Lakin bu hərəkətlərə gülməmək mümkün deyildi, çünki bu qədər oyunlarla məşğul olan camaatın arasında bir nəfər də olsa gülən adam görünmürdü. Hər kəsin simasında bir ciddilik, eyni zamanda bir məzhəkəçilik hiss edilirdi. Bu xalqın içərisində hər bir təbəqədən görmək mümkün idi, hətta bizə salam verən əmmaməli bir adam öz salamını qulağını tərpətməklə verdi və Məşədi Kazım yenə də qulağıma: – Bu məşhur dübbələrdən müəllim Molla Əbdüləlidir, – deyə pıçıldadı. Mən bu laqeyd insana bir neçə dəqiqə diqqət verib baxırdım, o, bir anda həm qulaqlarını, həm bığlarını, həm də gözünün bəbəklərini tərpədirdi. Burada hər kəs ziyalı, hər kəs zəngin, hər kəs tacir, eyni zamanda hamısı da məsxərəçi, oyunçu, məzhəkəçidir. Məşədi Kazım ağa yenə də mənim qulağıma pıçıldadı: – Bütün oyunlar axund minbərə çıxandadır. Yaxşı diqqət verərsınız. Bizim yanımızda duranlar məşhur Cəfər ağa Gəncəli, Hacı Cavad ağa Gəncəli, Təbrizin məşhur tacirlərindən Hacı Əli Həriri" və sair Təbriz əyanları və tacirlərindən ibarət idi. Bunlar da eyni məzhəkəçilik və eyni məsxərəçilikdə iştirak edirdi. Hamısı əyninə uzun əba geyinmişdi, hamısının sağ əli əbanın qolundan dişarı çıxmışdı, hamısının barmağında qırmızı əqiq üzük parlayırdı, hamısının da əlində yüsür təsbeh var idi. Burada insan uzun müddət ayaq üstündə durmaqdan heç də yorulmayırdı. Hər təzə gələn adam insanın nəzərini özünə cəlb edirdi. Bu əyləncə məzmun və mövzu etibarı ilə əhəmiyyətli olmasa belə, insanı məşğul edən əyləncələrin ən maraqlısı hesab oluna bilərdi, çünki insana burada çox xoş keçirdi. Saat beşə bir az işləyəndə bir neçə sərbaz əllərində tüfəng gəlib məscidə girdi, onların hər birisi minbərin qarşısındakı sütunların birinin yanında tüfəngini sütuna söykəyib oturdu. Mən bunların gəlməsinin səbəbini Məşədi Kazım ağadan xəbər aldım: – Tüfəngli sərbazların məsciddə nə işi vardır? – Məsciddə şuluq salanlara mane olmaq üçün Hacı Səməd xan tərəfindən göndərilmişdir. Uzaqdan «Allahümmə səlli əla Mühəmməd və ali Mühəmmədə? səsləri eşidildi. Məscidin qabağında duranların hamısı boynunu qeyri-təbii olaraq zürafə kimi qabağa uzatdı və aralıqda sanki ani bir həyəcan başladı. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. Məşədi Kazım ağa mənə tərəf dönərək: – Ağanı gətirirlər, – dedi və boynunu yenə də irəliyə uzatdı. Gündüz idi, açıq hava idi, ağanın qarşısında iyirmiyə qədər yandırılmış fanar çəkirdilər. Mən heyrətlə Məşədi Kazım ağaya baxdım və onu dümsükləyib soruşdum: – A kişi, gündüz saat beşdə bu nə fanardır? – Ağanın şəni, mərtəbəsi bundan da ucadır, – dedi və yenə də irəli soxuldu. Mən yenə də soruşdum: – Bilirəm ağanın şəni bundan ucadır, mənim dediyim odur ki, günəş olduğu zaman fanar nə lazımdır? Məşədi Kazım ağa: – Bixəyal olun, varlığa nə darlıq? – deyərək ağanı uzunqulaqdan düşürmək üçün səkidən yerə atıldı. Ağa palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi, uzunqulaq çox da sürətlə gedə bilmirdi. Ağa sağda və solda gələnlərin salamını alaraq csalaməleykümə və «əleykəssalam» deyərək başını o tərəf-bu tərəfə çevirir, sanki çiyinlərini qapa-qapa gedirdi. Çox qəribə burasıdır ki, o, ətrafındakı dübbələrə heç də əhəmiyyət vermirdi, çünki neçə illərdir ki, axund bu hoqqabazlara öyrənmişdi. Məşhur dübbələrdən Mirzə İbrahim Əkbərzadə və Ağa Seyid Məhəmməd qollarını çırmayıb uzunqulağın üzəngisindən tutub gəlirdi. Onlar üzünü camaata tutaraq: – Ağalar, bir salavat! – deyə qışqırdıqda hər tərəfdən salavat səsləri eşidildi. Uzunqulaq məscidin qabağında dayanan kimi camaat hücum edib ağanı uzunqulağın üstündən götürdülər və əllərinin üstündə məscidə gətirdilər. Mir Müfid ağanı məscidin ortasında yerə qoydular, camaat dərhal yerini tutdu. Yenə də səs eşidilmirdi, camaat çox sakit idi. Mən ağaya diqqət verirdim. O, minbərə yaxınlaşıb minbərin qollarından öpdüyü zaman onun diksindiyini hiss etdim. O, tez başını qaldırıb ağzını və bığlarını sildiyi və özünü bir az şaşırdığı zaman Məşədi Kazım ağa mənə pıçıldadı: – Ağanın atasını dalısına sarıdılar. Mən təəccüblə soruşdum: – Nə üçün? Mən də bir şey hiss etdim, nə olubdur? – Nə olacaqdır? Minbərin qollarını yapışqan ilə suvamışlar, ağanın ağzı və bığları bir-birinə yapışıbdır. Mən bu sözdən sonra gözümü ağanın üzünə zilləyib baxırdım. Onun ağzı açıq qalmışdı, çünki dodaqlarını yumduqda bığları ilə saqqalı bir-birinə yapışırdı. O, minbərdə oturduğu zaman əlini əbanın altından yanlarına uzadıb qurdalanırdı, altındakı döşəyi o tərəf-bu tərəfə çəkirdi. Tez-tez qalxıb, yenə də otururdu. Şübhəsiz ki, bu yapışqanın nəticəsi deyildi. Nəhayət, Məşədi Kazım ağa mənim bu- – nunla maraqlandığımı hiss edərək dedi: – Ağanı yaman yerindən oxlamışıq. Döşəyinin üstünə yüzdən yuxarı iynə taxıblar. Ağanın minbər üstündə qurdalanması on dəqiqədən yuxarı çəkdi, bu müddətdə camaat gah €Ya Əlil qışqırır, gah da peyğəmbər və onun övladına salavat göndərirdi. Ağa döşəyi götürüb quru taxtanın üstünə əyləşdi və üzünü çevirib məsciddə oturan camaata nəzər saldığı zaman, camaatın üzündə cürbəcür oyunlar və ədalar görmək mümkün idi. Lakin ağa bunların heç birisi ilə məşğul deyildi. Ağa heç kəsin, hətta özünün də anlamayacağı tərzdə bir xütbə oxumağa başladı, camaat isə çox sakit oturub baxırdı. Xütbə çox uzun çəkmədi, çünki axund hər iki tərəfdən əziyyət çəkirdi. Bir tərəfdən döşəyə taxılmış iynələr yumşaq yerinə dolmuşdu, o biri tərəfdən danışdığı zaman bığ-saqqalı bir-birinə yapışırdı. Ağa Allahın öz bəndələrinə olan mərhəmətindən və onun hər bir işə qadir olduğundan və onun min bir adından dedikdən sonra üzünü çox əzəmətlə camaata tutub dedi: – Xudavənd təbarək və taalaya min şükür! Bu söz ağanın ağzından çıxan kimi məsciddə camaat xor oxumağa başladı. Sanki onların hamısı bir-biri ilə sözləşmiş və vaxt ikən hazırlaşmışdı. «Min şükür xudavəndi-cahanın kərəminə, Heç olmaz belə gərdən, belə sinə, Dolan gəl beləsinə, beləsinə. Mən təəccüblə ətrafıma baxmağa başlamışdım. Hamı oxuyurdu, hətta yanımda oturan Məşədi Kazım ağa və Hacı Əli Həriri də oxuyurdu. Məscidi sakit saxlamaq üçün Hacı Səməd xan tərəfindən göndərilən sərbazlar da əldə tüfəng olaraq bu xorda iştirak edirdi, ağa isə fürsətdən istifadə edib yenə də əbanın altında qurdalanırdı, görünür ki, şalvarına daraşmış iynələri yavaş-yavaş təmizləyirdi. Bu vəziyyət çox uzun çəkdi. Sərbazlar yerə oturduğu zaman xor bitdi. Ağa məclisin sakit olmasını görüb yenə də üzünü camaata çevirdi və: – Bəh, bəh! Yaxşı cəmiyyət etmişsiniz, – dedi və xütbəsinin mövzusu ilə əlaqədar olaraq bir şeir oxudu: Əbr, bad, məhü xurşid, fələk dərkarənd, Ta tü nani bəkəf ari və bə qəflət nə xuri./ Təbiidir ki, bu şeirdə heç bir fövqəladəlik yox idi. Bu şeiri eGülüstanə kitabında yalnız yaşlılar deyil, on beş yaşında məktəbli uşaqlar da oxuyub bilirdi, buna baxmayaraq, məsciddəkilər böyük bir təəccüblə bir-birinin üzünə baxıb dilini damağında marçıldadırdı. Bu da çox uzun çəkdi, nəhayət, sərbazlar yerindən qalxıb: – Ağalar, sakit olun, moizəyə mane olmayın, – dedikdə xalq sakit oldu, ağa isə camaata müraciətlə: – Bir salavati-qərra!? Mir Müfid ağa bu sözü dedikdən sonra bir nəfər minbərin sağ tərəfindən ayağa qalxıb camaata müraciət etdi: – Həzərat! Mən on ildir ki, Təbrizdən getmişdim, hər ildə də bu məscidə iki dənə €Ya Əliə nəzrim vardır. İcazə verin mən öz borcumu verim. Hələ Mir Müfid ağa cavab vermədən, camaat əlini qulağına qoyub ucadan €Ya Ələ qışqırmağa başladı. Bu vaxt bazar camaatı da bu qışqırtıya məscidin qapısına yığışmışdı, küçədən də €Ya Əliy qışqırtısı eşidilirdi. Mir Müfid ağa hər nə məsələdən başlamaq istəyirsə, məsciddəkilər ya €Ya Əliə qışqırır, yainki salavat çəkirdi. Mir Müfid ağa birtəhər xütbəsinin qol-qanadını qırıb məsələyə keçdi və üzünü camaata döndərib dedi: – Xudavəndi aləm yüz iyirmi dörd min peyğəmbərin hər birisinə bir cürə qüvvət, bir cürə kəramət əta buyurmuşlar. İsaya ölü diriltmək, Musaya Allah-taala həzrətləri ilə danışmaq, İbrahimə odda yanmamaq, Süleyman peyğəmbərə göydə uçmaq... Bu zaman camaat qalxıb minbəri götürdü və salavat çəkə-çəkə məscidi dolanmağa başladı. Mir Müfid ağa isə hələ minbərdə öz sözünü davam etdirərək: – Yusifə gözəllik, Yunisə balığın qarnında yaşamaq, peyğəmbərimiz Salavatullaha isə minlərlə möcüzələr kəramət buyurmuşdur. Möminlər, imamlar da belədir.cKənzülqəraibə sahibi yazır ki, həzrət Hüseyni Kərbəlanın meydanında dərəceyi-şəhadətə yetirəndən sonra, onun libasını soyundurdular. Yezid onun əmmaməsini götürüb başına qoyan kimi keçəl oldu. Yenə də məsciddə heyrət başlandı, yenə də dilləri damaqlarda şappıldatmağa başladılar. Bu vəziyyət bir neçə dəqiqə davam etdi, lakin Mir Müfid ağa sözünü davam etdirib deyirdi: – Cəuneyi Xizrəmi həzrətin şalvarını geyən kimi bədəni çiban tökdü. Malik ibn Yəssar həzrətin dəmir geyimini geyən kimi dəli oldu. Cəmil ibn Məznun həzrətin üzüyünü barmağına taxan kimi şil olub yerə yıxıldı. Xəyan ibn Mütin həzrətin kəmərini belinə bağlayan kimi qarın və bel ağrısına mübtəla oldu. Camaatın bir çoxu bu sözdən sonra əlini qarnına qoyub ufuldamağa başladı, məsciddə şuluq başlandı, bu dəfə Mir Müfid ağa minbərdə dayandı, öz sözünü itirdi, sərbaz qalxıb məscid xalqını sakit etdi. Mir Müfid ağa isə sözünü başqa yerdən başladı və: – Cəbrayıl nazil olub həzrət peyğəmbərə Allah-taaladan müfdə gətirdi, – dedikdə haradansa boynuna bir kağız bağlanmış göyərçin qalxıb minbərin üstündəki tağa qondu, camaat isə «möcüzə olduə – deyə bir-birinin dalınca salavat çevirməyə başladı. Mir Müfid ağa sözünü kəsməmişdi. – Həzrətə müidə verib ərz eylədi ki, xudavəndi-aləm sənin nəslindən bir nəfər oğlan uşağı dünyaya göndərəcəkdir ki, onun adı Hüseyndir, o özünü Kərbəla adlı yerdə qurban verməklə sənin ümmətinin günahlarını bağışlatdıracaqdır. Şiələr həmin bu Hüseyndir ki, Şümr məlun onun başını Kərbəlada kəsib bir at torbasına saldı və onu Yezid məluna hədiyyə apardı. Yezid onun başını qızıl teştin içərisinə qoyub əmr etdi ki, €Xiyzəran çubuğu gətirinlb Çubuqları gətirdilər. Yezid məlun onları əlinə alıb həzrətin qanlı dodaqlarına vurmağa başladı. – Camaat, sizə xiyzəran çubuğu deyirəm, o, şaftalı ağacı deyildi, o, alça ağacı deyildi, o, armud ağacı və ərik ağacı deyildi. Camaatın hamısı birlikdə Təbrizdə məşhur təsnif olan «Ərik ağacıə nəğməsini oxumağa başladı: €Ərik ağacı, əzmələrin olaydım, Ərik ağacı, düymələrin olaydım?. Bu gün Mir Müfid ağa məclisi əlinə ala bilmədi. Əlinin Xeybərdə Mərhəb ilə olan davasını deyəndə aralığa iki dənə xoruz ötürdülər, xoruzlar qızğın bir surətdə döyüşməyə başladılar. Ağa acıqlandı, camaatı Allahın qəzəbi ilə qorxutmağa və cəhənnəmdən danışmağa başlayaraq dedi: – Sakit olun, ey Allahın bəndələri! Qorxun qiyamətin günündən! Qorxun cəhənnəm əzabından! Qorxun Təbatüm məlaikəsindən, qorxun Təbatüm məlaikəsinin verdiyi əzablardanl.. Həzrət Rəsul meraca təşrif apardığı zaman cəhənnəmin səyahətinə təşrif apardılar, Həzrət Rəsul orada çox böyük bir məlaikəyə rast gəldi, o məlaikənin bir dodağı məşriqdə, bir dodağı isə məğribdə idi. Həzrət Rəsul Cəbrayıldan soruşdu ki: €Ya Cəbrayıl, ey mənim səmimi qardaşım, bu məlaikənin adına nə deyirlər? Bu məlaikənin vəzifəsi nədir?? Həzrət Cəbrayıl ərz elədi ki: €Ya peyğəmbər, bu məlaikənin adı Təbatümdür, yəni yeyib qusan məlaikə. Bunun vəzifəsi dünyada sənin ümmətinin sözünə baxmayan və onların üzünə ağ olan günahkarları yeyib yenə də qusmaqdır. Təbatüm məlaikəsi hər kirpik çalımda yetmiş min günahkarı yeyib, yenə də qüsur, bu minval ilə Təbatüm məlaikəsi hər bir günahkarı gündə yetmiş min dəfə yeyib qusa biləm. Camaat çə, ə, ə) etməklə özlərini Təbatüm məlaikəsinə oxşatmağa başladı. Sərbazlar camaatı nə qədər sakitliyə dəvət etdisə, yenə də mümkün olmadı, nəhayət, axund minbərdən düşüb məsciddən kənara çıxdı. Nökəri, uzunqulağı qapıda saxlamışdı. O, uzunqulağı minib yola düşdüyü zaman hava qaranlıqlaşmışdı, gündüz uzunqulağın qarşısında onlarca fənərin çəkildiyinə baxmayaraq, gecə qaranlığında ağa evinə fənərsiz qayıtdı. Bir gün bu hadisədən keçəndən sonra məscidin qabağında Hacı Səməd xan tərəfindən belə bir elan vurulmuşdu: «Təbriz camaatına! Eşitdiyimə görə, Təbriz məscidlərində bəzi nagüvara hərəkətlər baş verməkdədir. Bəzi əclaf və bəzi din düşmənləri məscidlərə yığılıb üləmanı bihörmət edirlər. İslam donuna girmiş babilər dini-islamın fəzilətindən, zümmeliətharın kəramət və möcüzələrindən moizə edildiyi zaman məclisə şuluqluq salıb, üləmaya öz vəzifələrini bitirmək üçün imkan vermirlər. Xüsusən Hallac bazarda, Mir Müfid ağanın məscidində, dinə və şərəfi-islama layiq olmayan bir çox hadisələr baş verdiyini eşidirik. Bu gündən etibarən bütün Təbriz camaatına xəbər verirəm ki, üləmanın hörmətinə toxunanlar moizə və təziyə yerlərində şuluqluq salanlar, məscidlərdə yersiz €Ya Əlibb və salavat çağıranlar, göyərçin uçurdanlar, xoruz döyüşdürənlər, üləmanın üzünə baxıb qaş-göz oynadanlar, dili ilə, əzası ilə üləmanı bihörmət edənlər, gündüz fanusları yandırıb üləmanın uzunqulağının qabağına düşənlər, məsciddə dalısını minbərə, üzünü başmaq çıxaran yerlərə çevirib oturanlar, hər kim olursa olsun, həbsə alınacaq və cərimə ediləcəkdir. Valiyi-əyaləti Azərbaycan Hacı Şücaüddövlə Səməd xanə. * * * Çarın təzə nökəri Xariciyyə naziri Sazonov Tehrandakı rus səfiri Etter vasitəsilə Hacı Səməd xanın Azərbaycandan çıxarılması məsələsini Təbriz konsuluna xəbər vermişdi. Hacı Səməd xan isə özünün Təbrizdə qalmaq arzusunun qəbula keçməyəcəyini bildikdən sonra, «öz məmləkətimdir, qalıb hökumət sürəcəyəməp deyə bir neçə gün Rusiya konsulunun xəbərdarlığına əhəmiyyət verməmişdi. Rusiya konsulu onun hökumətdən xaric edilməsi məsələsini heç bir vəchlə təxirə sala bilmirdi, çünki Tehranda Almaniya və Türkiyə səfirlərinin cavan şahla müzakirəyə girişməsi və İranı alman-türk ittifaqına daxil etməsi təlaşları necə ki, Rusiya hökumətin, eləcə də ingilisləri rahatsız edirdi. Bunun üçün də Təbrizdə bir dəyişiklik görünürdü. Bizcə, Hacı Səməd xan möhkəm durmuş olsaydı, o, müharibənin qəti zamanlarında öz əlində olan yerlərdən silahlı qüvvə dəvət edər və rusların hərəkətinə əngəl törədə bilərdi. Lakin Səməd xan yenə də çarın gələcək mərhəmətinə əmin olduğu üçün bu cəsarəti etmədi. Gündüz saat üçdə Nina konsulxanadan ingilis və çar konsulları tərəfindən Hacı Səməd xana verilən ultimatumun qısa məzmununu gətirdi. «Sizin çar hökumətinə verdiyiniz ərizəni və sizin orada göstərdiyiniz bir neçə səbəbləri nəzərə alaraq, çar hökuməti məzuniyyətə getməyinizə icazə verdi, lakin beynəlxalq vəziyyəti nəzərə almayaraq sizin bu işi təxirə salmağınız bizi ikinci dəfə sizə xəbərdarlıq vermək məcburiyyətində qoydu. Hərgah bir həftəyə qədər Təbrizdən xaric olmasanız, o zaman çar və ingilis konsulxanaları icbari vasitələrə müraciət edəcəkdirə. Konsullar bu xəbəri verdikdən sonra Hacı Səməd xan öz arzularından tamamilə məhrum oldu və Təbrizdən çıxmağa məcbur qaldı. O bu xəbərdarlığı aldıqdan bir gün sonra Nizamüddövlə bağından çıxaraq Nemətabada çəkildi, dörd günün müddətində qatır karvanları onun dörd il müddətində Təbrizdən və bütün Azərbaycan xalqından soyduğu dövlətini Marağaya daşıdı. Nəhayət, beşinci gün Hacı Səməd xanın Nemətabaddan Tiflisə yola düşdüyü xəbərini eşitdik. Onun yerinə təyin edilən sərdar Rəşid böyük bir təntənə ilə Baba bağından Təbrizə köçdü. Havanın rütubətinə və Təbriz küçələrinin palçıq olmasına baxmayaraq, çarın əmmaməli agentləri təzə valini Təbrizə gətirmək üçün axşamdan bəri Baba bağının ətrafında fırlanırdı. Vaxtı ilə Səttar xanın, sonralar Rəhim xanın, Səməd xanın qapısında qəsidə oxuyan dərvişlər, mədhnamə yazan şairlər, bu gün tamamilə Baba bağının qapısında duraraq, öz qurşaqlarında gətirdikləri çörəyi ayaq üstündə yeyirdilər. Baş əyməyə böyük adam axtaran bu qaragüruh saat 11-də öz vəzifəsinə başladı. Sərdar Rəşid öz yaxın adamları ilə bərabər bağdan bayıra çıxdı. Onu hökumət dairəsinə aparmaq üçün çar konsulu öz avtomobilini göndərmişdi. Sərdar Rəşid avtomobilə minməyə tələsmirdi: o, qapının ətrafında yığılan seyidləri, mollaları, ikinci dərəcəli müctəhidləri, tacirləri, ziyalıları nəzərdən keçirib onlarla salamlaşırdı. Dərviş Süleyman adamların dalısından öz qəsidəsini oxumaqda idi. Sərdar Rəşid camaatla salamlaşmaqla bərabər dərviş Süleymanın qəsidəsini də eşitməyə diqqət verir, qəsidədə öz adının çəkilib-çəkilmədiyini eşitməyə çalışırdı. Dərviş qəsidəsini davam etdirirdi: Ey valiyi-vala həşəmin, nəx1-cəlalın Gülzar həyatında görüm barvər olsunə. ” deyə dərindən nəfəs aldıqda, sərdar Rəşid nə isə nökərin qulağına pıçıldadı, nökər isə dərvişə yaxınlaşıb bir tümən onun kəşkülünə atdı. Bu zaman təzə valinin yaltaqları da dərvişin kəşkülünə yaxınlaşdılar və valiyə xoş gəlmək üçün sədəqə verdilər. Dərvişin bu qədər ehsana nail olduğunu görən Soltanüşşüəra özünü irəli soxdu və tez eynəyini taxıb, sərdar Rəşidə yazdığı şeirini oxumağa başladı: «Mərhəba fəsli-zimistan bir gülüstandır bizə dedikdə hər tərəfdən cZindəbad sərdar Rəşid, zindəbad həzrəti əşrəfbə – səsləri ucalıb Soltanüşşüəranın şeirini yarımçıq qoydu. Buna baxmayaraq, sərdar Rəşid onu ehsansız buraxmadı, bir dənə çar on manatlığı onun ovcuna basdılar. Sərdar Rəşid çox təxirlə avtomobilə yanaşdı. O bununla ziyarətinə və istiqbalına gələnləri öyrənmək, onların yaltaqlığına imkan vermək istəyirdi. Avtomobilə oturdu. Onu istiqbala gələnlərin əksəriyyəti ağ uzunqulaqlar minmişdi, faytonlarla gələnlər də var idi, buna görə də sərdar Rəşidin əmrinə görə maşını çox yavaş sürürdülər. Maşının dörd tərəfində sıra ilə uzunqulaqlar gedirdi, piyada gedənlər isə uzunqulaqlardan heç də geri qalmayaraq çamurların içərisi ilə sürünür və öz sədaqətini təzə valiyə göstərməyə çalışırdılar. Bazar-dükan bağlanmışdı, bu ənənə Təbrizdə təzə deyildi, daim Təbrizə təzə hökumət gəldiyi zaman camaat bazar-dükanı bağlayıb istiqbala çıxardı, Tehrandan gələn hökuməti Vasminc şəhərinə qədər istiqbal edərlərdi. Yenə də bu ənənə təzələnmişdi. Şəhərdə bir dənə də olsa açıq dükan yox idi. Hamı təzə valinin istiqbalına getmişdi. Əl alverçilərini və tabaqçılarını yol uzunu görmək mümkün idi. cZindəbad həzrəti əşrəfhə səslərinin içərisindən tabaqçıların bu səslərini eşitmək mumkün idi: – Ay isti paxlal – Ay təzə-tər şorca noxud! – Zindəbad həzrəti əşrəf! – Yaxşı ləbləbidir, ay kasıb, gəl mənə tərəf! – Şəkərçörəyi, qənnadı malı, bədmüşk noğulu, rahətəlhülquml.. Təzə valini cürbəcür səslər müşayiət edirdi. Şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişdi. Bu vaxta qədər bütün Təbrizi əlinə götürən Marağa atlılarından bir nəfər də olsa görünmürdü. Hacı Səməd xan Tiflisə yola düşdüyü gün onlar da Təbrizdən Marağa şəhərinə köçmüşdülər. Təzə Azərbaycan valisini Təbrizə gətirmək üçün bir dəstə İran polisindən başqa bir dəstə də çar kazakı Baba bağına getmişdi. Axşam hökumət binasında böyük ziyafət təşkil olunmuşdu. Ziyafətə sərdar Rəşidlə əlaqəsi olan və olmayan bir çox tacirlər dəvət edilmişdi. Onun bizimlə tanış olduğuna və dəfələrlə evimizə gəldiyinə və bir çox işlərdə bizimlə məsləhətləşdiyinə baxmayaraq, nə məni, nə də Məşədi Kazım ağanı həmin görüş ziyafətinə dəvət etməmişdilər. Sərdar Rəşid bununla özünün böyüklüyünü və bizə olan əlaqəsinin dəyişdiyini bildirmək istəyirdi. Ziyafətə çağırılanların siyahısı tutulduğu zaman Mahru sərdar Rəşidə müraciət edərək: – Yəqin ki, Əbülhəsənbəy yaddan çıxmışdır, – dedikdə sərdar Rəşid: – Hökumət ziyafəti baqqal-çaqqal yeri deyildir, – deyə cavab vermiş və onların arasında böyük bir mübahisə olmuşdu. – Əbülhəsənbəyi baqqal-çaqqal adlandırmaq ayıb deyildirmi? Hazırda o və onun şəriki Məşədi Kazım ağa Təbrizin ən zəngin və ən nüfuzlu adamları deyillərmi? – Zənginlik ayrıdır, nəcabət ayrıl Hələ onlar hökumət yanında yerə oturmaq səlahiyyətini qazana bilməmişlər. Sənə də xəbər verirəm, sən gərək mənim nüfuzumun düşməsinə çalışmayasan. İndi sən Tütünçüoğlunun da tayı deyilsən, indi səni bir vilayətin hakimi və İranın nəcib və nüfuzlu adamı da alar. – O barədə mənə demək lazım deyildir. Mən bu barədə özümü sərbəst hesab edirəm. Mən heç kəsin ixtiyarında deyiləm, sizin ailənizdən asılı olmaq mənim atamı və anamı da məhv etdi. – İndi yalnız sən yox, bütün Azərbaycan məndən asılıdır. Sən kimsən? Bir aciz qızsan, onu bilməlisən ki, dörd milyondan artıq əhalinin səadəti də, müsibəti də məndən asılıdır! – Sənin özün də, üzərində hökm sürdüyün dörd milyon bədbəxt əhali də çar konsulundan asılıdır. Sən xalqın səadətinə çalışmağı ba- carmazsan, səni bunun üçün hökumət başına qoymamışlar, sən xalqa səadət verməyə də qabil deyilsən, qabil olsaydın, bu alçaq vəzifəni qəbul etməzdin. – Mahru, mən səni sevməsəydim, bu saat o dilini kəsər və səni də məhv edərdim. – Mənim atamı da sənin atan öz sevgisi üçün məhv etdirdi. – Sən bunu bir yerdə təkrar etmiş olsan, mən səni çar soldatlarının qabağına salıb Rusiyaya sürgün etdirərəm! – Mən ruslarla yaşamaqdan qorxmuram. Onlar özünün bacı dediyi qıza təcavüz etmək istəyən sənin kimi adamlardan min dəfə yaxşıdırlar. Heç olmasa onlar mədənidir, onlar sənin kimi heyvan deyillər. Bu sözdə sərdar Rəşid özündən çıxmış və qabağındakı boş stəkanı Mahruya atdığı zaman stəkan divardakı güzgüyə dəyib parçalanmışdı. kok Çar general-konsulu öz təzə nökərini – sərdar Rəşidi Təbrizdəki konsullara təqdim etmək üçün təntənəli bir ziyafət təşkil etmişdi. Burada rus təbəələri, rus himayəsində olanlar, rus konsulunun hüsnrəğbətini qazananlar, ingilis, amerikan konsulları, rus konsulxanası məsul işçiləri iştirak edəcəkdi. Biz faytonu qoşdurub Nina ilə bərabər axşam saat on birdə konsulun dəvətnaməsi üzrə ziyafətə getdik. Burada yalnız konsullar deyil, bir çox İran tacirləri də iştirak edirdi, demək ki, bu zifayət Rusiya-İran münasibəti və Rusiya-İran cdostluğuə üçün bir təməl daşı qoyacaqdı. Çar konsulu məni öz diplomat qonaqları ilə tanış etdi, bunsuz da onlar Şərqin adətini bilirdi, hətta ingilis konsulu bir təbrizli kimi €Ağa, mərhəmətiniz artıqlb deyə bir çoxlarının əlini sıxırdı. Eyni zamanda çar konsulunun İran tacirlərinə nisbət tutduğu əlaqə və göstərdiyi saxta nəvazişlər də dəyişmişdi. Çar və ingilis konsullarının bütün rəftarları bunu göstərirdi. Onlar haqlı olaraq tez-tez Rusiya və İran məmləkətlərinin iqtisadca birbiri ilə əlaqədar olduğunu və bu iki məmləkətin sıxı bir əməkdaşlıq nəticəsində səadətə nail olacağını meydana sürürdü. Xüsusən çar konsulu sərdar Rəşidin bir çar nümayəndəsi olduğunu pərdələmək üçün onun İran hökuməti tərəfindən Təbrizə təyin edildiyi sözlərini ziyafət salonundakı İran tacirlərinə tez-tez eşitdirirdi. Lakin sərdar Rəşidin ziyafətə gəlməsi və onun qiyafəsi, konsulun İran tacirlərinə dediyi yalanlarla uyğun deyildi. Sərdar Rəşidin qiyafəsi bir çar general-qubematorunu xatırladırdı. Onun döşündəki cÖryolb nişanı, çiynindəki rus paqonları, qılıncı, kəməri, lentası və sairə tamamilə bir çar general-qubernatorunu təmsil edirdi. Onun iranlılıqdan ibarət olan papağı da başında deyildi. Ziyafət salonuna başıaçıq girmişdi. O, içəri girən kimi qabaqca diplomatlar ayağa qalxdı, ondan sonra bunu hiss edərək başqaları da ayağa qalxdı, lakin özünü rus general-qubernatoru şəklinə salmış sərdar Rəşid özünü mədəni bir rus sahibmənsəbi kimi yox, yenə də bir Şərq feodalı kimi göstərdi, o yalnız rus və ingilis konsullar:nın əlini sıxdı, başqalarına başı ilə salam işarəsi verib: – Ağalar əyləşə bilər! – dedi. Lakin sərdar Rəşid icazə vermədən də ağaların bir çoxu əyləşmişdi. Bunu çar və ingilis konsulları da hiss etdi, onların da üzündə narazılıq əlamətləri göründü. Sərdar Rəşid salonda olan qadınların da əlini sıxmadığından onlarda özünə qarşı böyük bir nifrət oyandırdı. Xüsusən Nina bu işdən çox acıqlanmışdı, çünki vaxtı ilə bizim vasitəmizlə böyümək istəyən və hər yerdə bizim tanışlığımızla fəxr edən, hətta hər kiçik çətinlik üçün bizim evimizə gələn bu adamın hazırkı rəftarı hər bir soyuqqanlı və hər bir adi adamı da acıqlandıra bilərdi. Qonaqlar bir yerə yığılmamışdı, bəziləri papiros çəkir, bəziləri bufetin qabağına keçib dodaqlarını yaşlayır, bəziləri dəyirmi stolların başına yığışıb danışır, bəziləri də qadınlar və qızlarla cüt-cüt salonda gəzişirdilər. Nina ilə mən də salonda dolanırkən, rus konsulu ilə sərdar Rəşid də ayaq üstündə durub nə barədə isə söhbət edirdi. Konsulu telefona çağırdılar, Sərdar Rəşidi buraxıb getdi. Sərdar Rəşid tək qaldıqdan sonra salona göz gəzdirib söhbət etmək üçün əlverişli bir qrup axtarırdı. Onun üçün əlverişli qrup ancaq bizim qrupumuz idi. Sərdar Rəşid qabaqca bizə yanaşdı və Ninanın qolundan tutub soruşdu: – Xanımın kefi necədir? – dedikdə sanki Nina bunun səsini eşitmədi, ona cavab vermədiyi kimi qolunu da dartıb onun əlindən aldı. Sərdar Rəşid məsələni dərhal anladı və mənim yanıma dönərək: – İnşallah cənab sərkarın vücudu səlamətdir, – dedi. Mən: – Həzrət əşrəfin dövlətindən səlamət dolanırıq – dedim. Nina mənim sərdar Rəşid ilə söhbətimi gördüyündən yenə də acıqlandı və tez gəlib, qolumdan tutub başqa tərəfə apardı. – O cürə alçaqlarla danışmağa tənəzzül etmə! – Nina qəti olaraq dedi. – O özünü çox uca tutur, lakin onun bu ucalığının iç üzünü heç kəs bilməsə də, biz yaxşı bilirik. Sərdar Rəşid salonun o baş-bu başına bir az getdikdən sonra qayıdıb oturdu və konsulu gözlədi. Nə işdən ötrü isə ingilis konsulunu da çağırdılar. Sərdar Rəşid tək qalmağa məcbur oldu. Hacı Fərəc Sərrafın oğlu Hacı Mirzağa mənə yanaşdı, onunla bir qədər gəzişdik. O, Məşədi Kazım ağadan şikayətləndi, onun özləri ilə rəqabət apardığı və almaq istədikləri kəndə Məşədi Kazım ağanın müştəri durduğunu söyləməklə ona nəsihət verməyi tapşırdı və məni özü ilə bərabər çəkib sərdar Rəşidin yanında əyləşdirdi. Hacı Mirzağa çar təbəəsi idi, sərdar Rəşid ona yaltaqlandı. Mirzağa isə məşhur dübbələrdən sayıldığı üçün onu ələ salmağa və onu özünün layiq olmadığı yüksək pilləyə qaldırmağa başladı. Bunun üçün də sərdar Rəşid özü inanmadığı bir surətdə qoltuqları şişdi və bu münasibətlə sözə başladı: – Tehran hökuməti, Şücaüddövlənin vücudə gətirdiyi xarabalıqları təmir etmək vəzifəsini mənə tapşırmaqda səhv etməmişdir. Şücaüddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında keçilməsi mümkün olmayan bir uçurum yaratmışdı. Ümid edirəm ki, uçurum ancaq mənim təlaşım nəticəsində islah oluna biləcəkdir. İki hökumətin həmişəlik dostluğunu yaratmaq üçün çox işləmək lazımdır, çünki xarabalıq çox böyükdür. Birinci növbədə xalqımızın siyasi əxlaqını düzəltmək və onları imperator hökumətinin dostluğu əsasında tərbiyə etmək lazımdır. Hərgah çar hökuməti bəndənin fəaliyyətinə əmin olmasaydı, Tehran hökumətinin məni Azərbaycan valisi təyin etməsi qərarını təqdir etməzdi. Mirzağa, sərdar Rəşidin sözlərini təsdiq edərək: – Həzrət əşrəf həqiqətdə çox səhih buyurdular. Hərgah imperator hökuməti həzrət əşrəfi təqdir etməsəydi, imperatorun əla dərəcəli nişanı olan «Üqabi-səfidə." nişanını onun döşünə taxmazdı. Bundan sonra Mirzağa durub getdi, sərdar Rəşid isə mənə tərəf dönərək: – Cənablar əmin olmalıdır ki, sizə olan etimadımız təğyir tapmamışdır, – dedi. – Çox razıyam! Həzrət əşrəfdən xeyirxahlıqdan başqa bir şey gözləmək layiq deyil. – Sizin üzərinizdə olan himayəmiz əvvəlki şəklindədir. – Təşəkkür edirəm! – Əlbəttə, siz də gərək bu himayəni bir qohumluq əlaqəsi kimi məna etməyəsiniz. – Təbiidir ki, mən də özümüzü sizə qohum hesab etmirəm. – Buna görə də siz qardaşınız Ağa Əsədə də tapşırasınız ki, mənim bacım haqqındakı fikirləri birdəfəlik başından çıxarsın, hər kəs gərək öz tayını və öz müsahibini tapsın. – O barədə mən heç bir söz deyə bilmərəm. Hər kəs başındakı fikrini ancaq özü çıxara bilər, o ki qaldı «tay və müsahibə məsələsinə, bu məsələ mürəkkəb bir məsələdir. Zənn edirəm ki, Əsəd qohum olmaq istədiyi qızın mənsub olduğu ailədən nanəcib deyildir. – Təbiidir ki, mən sizin şərəfinizə toxunmaq üçün ona cəza verməkdən vaz keçirəm. – Siz onu bilməlisiniz ki, o çox da aciz oğlan deyil, cəzalanmaq üçün də layiq deyildir. O, sadiq və öz xalqını sevən bir iranlıdır. Bizi himayə etmək məsələsinə gəldikdə, bu barədəki zəhmətinizə razı deyiləm, biz heç vaxt himayədə olmamışıq, öz fəaliyyətimiz, öz hümmətimiz bizi himayə edər. Sərdar Rəşid söhbəti dəyişərək: " Üqabi-səfid – Ağ oryolb nişanına deyilir. Sərdar Rəşid Ərdəbildə hakim olduğu zaman İran xalqına xəyanət göstərməsi nəticəsində çar hökuməti ona “Oryol? nişanını vermişdi. – Xeyr, ağa, vaqedə də mən sizə elə ərz eləmədim ki, siz məndən rəncidəxatir olasınız. Gərək siz özünüz mənim şərəfimi və namusumu müdafiə edəsiniz. Axı mən böyük bir məmləkətin valisi və başı hesab olunuram. Siz mənim adi bir təbrizli ilə qohum olmağıma gərək razı olmayasınız. Qoy mənim bacım Mahrunun ətəyini buraxsın, onun üçün haradan istəyirsən mən qız tapıb evləndirim. – Sizin səhviniz də orasındadır ki, Mahrunu özünüzə bacı hesab edirsiniz. Halbuki biz haman bacı-qardaşlığın tarixini çox gözəl bilirik. Sizin səadətiniz, sizin nüfuzunuzun korlanmaması onu öz evinizdən bir bacı kimi ərə verməyinizdədir, biləks, ona bacı deyərək gecələr yatağina hücum etməklə öz nüfuzunuzu düşürə bilərsiniz. Hərgah biz sizin namusunuzu müdafiə etmək istəməsəydik, lap günü sabah sizin o qıza rəva gördüyünüz alçaqlığı ifşa edər və sizin Təbrizdə qalmağınıza imkan verməzdik. Biz sizin namusunuzu müdafiə etmək istəməsəydik, İraidanın sizin evinizdən köçüb getdiyi zaman qoyduğu məktubu bütün Təbriz xalqına elan edərdik, çünki siz zavallı qıza evlənərək onu başqalarına da təqdim edirsiniz. Hazırda məktub bizim əlimizdə qalmırmı? Sərdar Rəşid öz qarşısında kimin oturduğunu dərhal hiss etdi, söhbət və şivəsini dəyişərək, məni aldatmağa başladı: – Biz həmişə sizə müxlis olmuşuq, siz o qızın sözlərinə baxmayin, o atabir, anabir bacımdır. Lakin onun əqli naqisdir. Naqis olmasaydı, rusun birisinə ərə getməzdi. Rus və ingilis konsulları salona girdi, ziyafət təntənəsi başlandığı üçün söhbətimiz yarımçıq qaldı. Çar konsulu beynəlxalq vəziyyətin tutqunluğunu hiss etdirməməyə çalışırdı. O, təzə valinin şərəfinə yaradılan bu ziyafətin çox təntənəli keçməsinə səy eləyirdi. Lakin ziyafət salonundakı hər bir şey vəziyyətin ağırlığını göstərirdi. Cənab Mirabovun diriforluğu altında çalınan simfonik orkestrin səsi də bir şadlığı yox, bir qorxunu tərənnüm edirdi. Konsulun saxta gülüşləri və cAidap operasından çalınan gurultulu parçalar da siyasi vəziyyətin kədərlərini dağıda bilmirdi. Qonaqların çöhrəsindəki baxışlar, valinin şərəfinə söylənən tostlar, təzə valinin alnındakı qırışıqlar belə bu təntənənin saxtalığını söyləyirdi. Çilçıraqlarda yanan lampaların şəfəqləri də bu şadlığı nişan vermirdi. Çar konsulunun daxili düşüncələrini sönük işıqlarda, skripkanın sızıldayan tellərində, diriforun əlindəki çubuqda, pianonun inildəməsində, neydə, fleytada, trubada, təbildə... onlara baxan gözlərdə və onları dinləyən qulaqlarda oxumaq mümkün idi. Bu təntənədən alınacaq nəşələr Təbrizi xaricdən təhdid edən hadisələrin qorxuları ilə əvəz olunurdu. Konsul piyaləsini doldurub, təzə valinin şərəfinə içirkən danışdığı cümlələrdə özünün daxili düşüncəsini izhar etdi: – Cənab vali! Məmləkətimiz qorxulu və mühüm günlər keçirməkdədir. Şahənşah ölkəsi xarici düşmənlər tərəfindən təhdid edilməkdədir. Osmanlı-alman dövlətləri İran azadlığını yıxmağa hazırlanır. Buna görə də «iranlı» adını daşıyan bütün namuslu adamlar şahənşah hökumətinin azadlığını və ölkəsinin istiqlaliyyətini müdafiə etmək üçün vahid bir cəbhəyə yığışmalıdır. İmperator hökuməti də İran istiqlaliyyətini müdafiə etmək üçün öz qonşuluq vəzifəsini və özünün müəyyən müqavilələrlə borclu olduğu vəzifələri yerinə yetirməyə çalışmaqdadır. İqtisadi və siyasi əlaqələrlə bir-birinə bağlı olan Rusiya və İran məmləkətləri tarixin mühüm və məsuliyyətli bir dövrünü keçirir. Bu iki dost məmləkət hazırda öz şərəf və əzəmətini müdafiə etmək və düşmənlərinə zərbə endirmək üçün aralıqda olan dostluq əlaqəsini bir daha sıxlaşdırmalıdırlar. Tehran hökuməti və şahənşah dövlətinin nazirləri lap öz vaxtında bunu nəzərə aldılar. Təzə valinin təyin edilməsi də bunu təsdiq edir. Mən bu ziyafətdə imperator hökumətinin bir nümayəndəsi sifəti ilə təzə valinin öz vəzifələrini ifa etməsi üçün əlimizdən gələn yardımı göstərməyə hazır olduğumuzu bir daha təkrar edirəm. Vali cənabları bu barədə şahənşah hökumətini əmin edə bilər. Hazırda mənim cənab valinin şərəfinə qaldırdığım bu piyalə səmimi dostluq piyaləsidir. Cənab vali, sizin şərəfinizə! Konsul piyaləsini içdi, biz də bir kərə piyalələri əlimizə götürüb yenə də süfrənin üstünə qoyduq. Təzə vali konsulun tostundan sonra öz piyaləsini doldurub qalxdı və yaltaqlığa məxsus ifadələrin ən rəzil cümləsini meydana atdı. Süfrə başından durdular. Hərə bir tərəfə çəkildi. Yenə də sərdar Rəşid məni qoltuqladı, konsul da bizə yanaşaraq bir neçə qədəm dolaşdı, sonra onu telefona çağırdılar. Sərdar Rəşid məni özündən razı salmağa və eyni zamanda mənim ağzımdan Rusiya əleyhinə olaraq bir söz tapmağa qəsd etdi. – Cənab ağa! – dedi. – Azərbaycan ki var, İranın ayrılmaz bir parçasıdır. Min şükür olsun ki, Hacı Səməd xan kimi xainlər iş başından rədd oldu. Məmləkətimiz yenə də öz əlimizə çatdı, indi biz öz məmləkətimizi öz istədiyimiz kimi idarə edə bilərik. İmperator hökuməti də bizə əlindən gəldiyi köməyi edər, gördüyünüz kimi cənab konsulun özü də bunu buyurdu. Söz öz yanımızda qalsın, ruslar da haman ruslar deyil, osmanlı-alman ittifaqı məsələsi aralığa çıxandan bəri onların da siyasəti dəyişibdir. Biz indi ruslarla yavaşyavaş açıq danışa bilərik, biz indi istiqlaliyyətimizi möhkəm etmək üçün öz sözümüzü deyə bilərik. Öz aramızdır, biz osmanlılarla da çox tez anlaşa bilərik, bir tərəfdən yaxın qonşu, bir tərəfdən də din qardaşlarımızdır, ətimizi yesələr, sümüklərimizi çölə atmazlar. Lakin bizə hələlik ruslarla ixtilaf çıxarmaq əl verməz. Yəqin ki, ağa da mültəfitdir, indilik xəmir belə su aparır, Tehranın də fikri budur. Zahirdə biz bitərəf qalmalıyıq. Qoy hələlik bunlar bir-birini döysün, amma məsələ başqa cürdür, biz təzə gələn qonaqlara, Rusiyaya bildirmədən kömək göstərməliyik. Mən bu barədə bütün tanışlara və namuslu iranlılara xəbər vermişəm, sizə də xəbər verirəm, camaatımızı hazırlamaq lazımdır. Onlar avamdır, siyasətçi deyildir, onları bir para rusofillər çox tez yoldan çıxarda bilər. Bizim xalqımızın başlıca nöqsanı özünün çox tez aldanmasından ibarətdir. Hər halda mən sizi özümünkü hesab edib öz qəlbimi deyirəm. Siz mənim dediyim sözləri bir diplomat sözü hesab etməyin, özünüz də bir az soyuqqanlı olun, əlbəttə, mən sizin bəzi səhvlərinizi əfv edəcəyəm, lakin axşam sizin mənə verdiyiniz cavablar bir ölkənin valisinə veriləcək cavab deyildir. İndi siz gərək mənə kömək edəsiniz. Mən Azərbaycanı hərc-mərclik və xarabalıq içərisində əlimə almışam. Öhdəmə götürdüyüm məsuliyyətləri dağların belinə qoysan əyilər, belə deyilmi? – Belədir! – dedim. – Həzrət əşrəfin vəzifəsi çox məsuliyyətli bir vəzifədir. Zamanın özü də məsuliyyətli bir zamandır. – İndi ki, cənab sərkar buna mültəfitdir, indi ki, ağa mənim nə qədər mühüm bir zamanda iş başına gəldiyimi təsdiq edir, o zaman mənim siyasətimi anlamalıdır, xalqı da o siyasətin həyata keçirilməsinə tərğib etməlidir. Əcəba dediklərimi cənab sərkar təsdiq etmirmi? Sərdar Rəşid çox uzun danışdı. İndisə o məndən cavab gözləyirdi. O məndən çar konsuluna xəbər vermək üçün əlverişli bir material arayırdı. Məncə, konsulu telefona çağırmaq məsələsi də vaxtikən düşünülmüş bir hiylə idi, bəlkə də, konsul onu mənimlə tək buraxmaqda belə bir məqsədi təqib edirmiş. Mən əlimdəki papirosa bir qullab vuraraq bir az düşündüm, sonra da sərdar Rəşidə müraciət edib dedim: – Şəxsən mənim başlıca bədbəxtliyim orasındadır ki, siyasi məsələləri həll edə bilmirəm. Yalnız mən deyiləm, İranda mövcud bütün tacirlərin mədəsi siyasi qidaları həzm etməkdən acizdir. Bəlkə də, bu bizim savadsızlığımız və xəbərsizliyimizin nəticəsidir. Çox təəssüf olsun ki, biz nə öz dostumuzu, nə də öz düşmənimizi tanımamışıq. Bizim üzümüzə hər kəs gülmüşsə, ona dost demişik, hər kəs ki, bizim şəxsi mənafeyimizə toxunmuşsa, onu düşmən hesab etmişik, çünki biz nə ümumi təhlükə barəsində düşünməyi bacarır, nə də ümumi mənafe uğrundakı işlərdə çalışa bilirik. Lakin cənab vali bizlərə bənzəməz, o bütün ömrünü siyasət içərisində keçirmişdir. Mən ona inanıram ki, cənab vali hazırda hadisələrlə hamilə olan gecələrin sabah nə kimi uşaq dünyaya atacağını bilir. Bununla bərabər cəsarət edib həzrət əşrəfə kiçik bir məsləhət verməyi də düşünürəm. Mənim zənnimcə, hazırda həzrət əşrəfin mənə verdiyi siyasi sirləri bizim kimi uzağı görə bilməyən və siyasi məsələləri həzm edə bilməyən adamlara vermək böyük bir səhvdir. Ola bilər ki, mən həzrət əşrəfin buyurduqlarını həyata keçirib ona kömək etmək istədiyim zaman, böyük bir səhv də buraxaram, bu səhvlə də ümumi işləri korlaya bilərəm. Mən həzrət əşrəfi əmin edirəm ki, onun mənə verdiyi bu sirləri heç bir kəs bilməyəcəkdir. Lakin hər kəs mənim kimi deyil, hər kəs həzrət əşrəfə mən qoyan hörməti qoya bilməz. Çox adamlar vardır ki, min tümən nəqd pula aldığı sirri bir qran nisyə pula sata bilər. Mənim də qorxum ondadır ki, həzrət əşrəfin sirləri o cürə adamların əlinə düşər, onlar isə üstünə beş-altısını da əlavə edib, cənab konsulun qulağına yetirər. Sərdar Rəşid məndən özünə lazım olan cavabları ala bilmədiyindən bir çox dəqiqələr gözümün içərisinə baxaraq: – Elədir! Bərəkallah! – dedi və əlindəki papirosuna dərin bir qulla» vurdu. Gecə saat üçdə qalanlar qumara və rəqsə məşğul oldu, mən və Nina vidalaşıb yola düşmək istədikdə sərdar Rəşid məni dayandırib dedi: – Sabah gecə cənab konsulun şərəfinə kiçik bir ziyafət verəcəyəm, rica edirəm siz də Nina xanımla bərabər təşrif gətirəsiniz. * * * Büllurinin məktubu Təhlükə yaxınlaşırdı. İranı osmanlı-alman ittifaqına sürükləmək üçün qurulan planlar həyat səhnəsinə keçməyə başlayırdı. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçil öz xain düşüncələrini həyata keçirməkdə idilər. Onlar İttəhadi-tərəqqi firqəsinin göstəriş lərinə görə Kərkük və Süleymaniyə sancaqlarında könüllü ordu təşkilinə başlamışdılar. Könüllü ordunun komandanı sabiq ərkan-hərb zabitlərindən Helmi bəy, ordunun siyasi rəhbəri və təşkilatçısı isə İbrahim Fovzidən ibarət idi. Əvvəla onu demək lazımdır ki, Kürdüstanda bu orduya daxil olanlar çox az idi, bir çox kürd ağaları bu macəraya qoşulmaq istəmirdilər. İttəhadi-tərəqqi firqəsinin özü də bu yığıntı dəstənin müvəffəqiyyətinə inanmırdı. Bu macəra ancaq rusların nəzərini İran cəbhəsinə cəlb etmək və Avstriya ordusunun geri çəkilişini dayandırmaq məqsədi ilə başlanmışdı. Biz Hacı Mirzağa Bülluriyə yazdığımız məktubun cavabını Savucbulaqdan aldıq. Hacı Mirzağa öz məktubunda bizim məktubumuza açıq və aydın cavab verməmişdi, ancaq o özünün uzun-uzadı məktubunda bizi gələcək müvəffəqiyyətləri ilə qorxudaraq yazırdı: eMöhtərəm Əbülhəsənbəyl Son məktubunuzu aldım. Məktubdan belə anlaşılır ki, Təbrizdəki yoldaşlar İranın azadlığı yolunda görülən tədbirdə bizim ilə əməkdaşlıq etmək istəmirlər. Lakin onu bilməlisiniz ki, siz olmasanız da bu tədbir həyata keçə biləcəkdir. Sizə gəldikdə, öz tədbirlərinizlə böyük fəaliyyətinizə bədbəxt bir yekun vurmağa çalışırsınız. Hazırda Təbrizə hücum edən ordu Məmmədəli şahın başıpozuq dəstələri deyil, Təbrizə hücum edən ordu, Muraz xan, Zərqamüssoltan, Hüseynəli xan, Rəhim xan və Böyük xanın quldur dəstələri deyil, müntəzəm osmanlı və alman ordusudur. Bu müharibə Səttar xan müharibəsi deyil ki, Təbriz mücahidləri və Qafqaz bombaçıları ilə başınızı saxlayasınız. Məktubunuza təfsilən cavab verə bilmədik, çünki ordu işləri ilə başımız məşğuldur. İnşallah bu barədə Təbrizdə təfsilən danışarıq». Bu məktubda Hacı Mirzağa bizi təhdid edirdi. «Təbrizdə təfsilən danışarıq) sözləri də bunu ifadə edir və bu yazısı ilə bizə Helmi bəyin Təbrizdə quracağı dar ağaclarını nişan vermək istəyirdi. Hacı Mirzağanın məktubu iclasda oxunduğu zaman əqidəcə möhkəm olmayan və inqilabdan ancaq öz xeyirlərini güdənlər iclasda axıra qədər oturmamaq üçün yüz cürə bəhanələr gətirib əkilmək istədilər. – Mən axıra kimi otura bilməyəcəyəm. Ağalara məlumdur ki, biz bu gecə qızın xeyir işini başlamışıq, köçürtmək istəyirik. – Məşədi Haşım can üstündədir. Qohumdur, gərək hazırlıq görək. – Dedim iclasa getmərəm, özgə cürə başa düşərlər, evdə qonaqları qoyub gəlmişəm. – Özümü çox pis hiss edirəm, ağayi Təbibül-məmalik buyurmuşdu ki, bir neçə günlüyə heç bir yerə getmə, lakin ağanın dəvətini yerə sala bilmədim. – Bu işlər dövlət işidir. Demokratların burada nə işi vardır? – Ağayi Vasminci çox düz buyurdular, qoy hökumət öz məmləkətinin qeydinə qalsın. Danışanlar danışır, yüz cür bəhanələrlə iclasdan qaçmağa tələsir, danışmayanlar isə zəli kimi qəlyanın qəmişindən tutub sorurdu. Bu adamlar sükut etmək və bəhanələrlə ancaq vahid bir məqsəd daşıyırdı, onlar osmanlı ordusu Təbrizə girdiyi zaman: “Biz iclasda iştirak etməmişik, biz sizə tərəfdar olmuşuq? deyə hazırlanırdılar. Hələlik heç bir kəsə iclasdan çıxıb getmək üçün icazə verilməmişdi. Bəhanə gətirənlərin bir ayağı qalxmaqda və getməyə hazırlanmaqda ikən: – Əyləşin, – dedim, – üzr və bəhanə gətirməyin vaxtı deyildir, hələlik sizin üçün heç bir qorxu yoxdur, mən sizə söz verirəm ki, başınızdan bir tük belə əskik olmayacaqdır. Bu sözdə həmişə zarafatla ciddi sözünü deməyə adət edən Bağmeşəli Mirzə Hüseyn: – Başımızdan bir tük əskik olmasa da, bədənimizdən başımız əskik olacaqdır, – dedikdə bu sözə bir çoxları güldü və bir çoxlarının da qorxudan rəngi ağardı. Mən də öz növbəmdə Mirzə Hüseynin cavabını verdim: – Başı bədəndə saxlamaq üçün kişidə tədbir və cəsarət lazımdır, – dedim və sözümə davam etdim: - Siz bilirsiniz ki, insanları təhlükədən qurtaran onun acizliyi, üzr və bəhanə gətirməsi deyil. Təhlükə hamıdan qabaq qorxaqlar və üzr-bəhanə gətirənlər üçündür. Biz bunu yeddi ildən bəri öz mübarizə həyatımızda bir neçə kərə təcrübədən keçirmişik. Buna görə də səlamət qalmağımız və təhlükəni rədd etməyimiz üçün başqa yollar götürməliyik. Siz mənə inanın, bir çox zaman mənə inanmışsınız, mən də sizin etimadınızı doğrultmuşam. Bu gün yenə də sizin etimadınızı doğrultmağı ümid edirəm. Burada bir çoxları dedi ki, «Bu məsələ hökumət məsələsidir. Qoy hökumət öz məmləkətini müdafiə etsinə. İndi mən sizə sual verirəm: hökumət hanı? Onun məmləkəti xarici təhlükədən müdafiə edə biləcək qüvvəti haradadır? Siz hökumət sərdar Rəşidəmi deyirsiniz? Hazırda o, bir tərəfdən çar hökumətinin əmrlərini yerinə yetirir, bir tərəfdən Tehran hökumətini aldadaraq özünün səmimi bir İran valisi olduğunu göstərir, o biri tərəfdən də osmanlı-alman dostluğunu meydana sürməklə öz gələcəyinin qeydinə qalır. Bizim, əlbəttə, osmanlılara və almanlara gücümüz çatmaz, bizim istədiyimiz bir şey varsa, o da Təbriz xalqını Mirzağa Büllurinin başında gələn lotu-potunun qarətindən qurtarmaqdan ibarətdir. Yenə də Mirzağa Hüseyn yerindən söz atdı: – Necə qurtara bilərik? Nəyimiz var? Bu sözdən sonra yenə də ətrafdan danışmağa, üzr, bəhanə gətirməyə başladılar. – Təbrizə gələn hökumət ordusudur. Onların xalqı qarət etməklə nə işləri vardır? – Ay hayıf sənə Səttar xan, indi nə sənin yerin görünür!.. Mən yenə onları sükuta dəvət edərək dedim: – İnqilab qəhrəmanı Səttar xan aramızda olmasa da, biz onun yolunu gedirik. O bizi həmişə mərd olmağa çağırmışdır. İndi heç bir həyəcana lüzum yoxdur. İclasdan qaçmaq istəyənlər yerlərində otursalar da, nə hə, nə də yox deməyə cəsarət etmirdilər, bunların çoxu da bir-birindən qorxurdu. Bir hissəsinə gəldikdə onlar da müdafiə qüvvəti düzəldilməsi işinə səs verə bilmirdilər, çünki müdafiə qüvvətinin məsarifində iştirak etmələrindən və özlərinin də xərc verəcəklərindən qorxurdular. Lakin mən bu son qorxunu onların üzərindən götürmək üçün: – Sizdən heç bir məsarif-filan da tələb olunmur, hamısını firqə öz öhdəsinə götürür, – dedikdə onlar özlərini düzəltdi və müdafiə tədbirlərində iştirak edəcəklərinə söz verdilər. Lakin qərar yazılıb, imza etməyə gələndə yenə də bir neçə nəfər üzr və bəhanə gətirməyə başladı. Nəhayət, mən: – İnqilab komitəsinin qərarlarına maneə törədənlər və müdafiə qüvvəsinin düzəlməsi işinə əngəl olanlar və bu sirri bir başqasına verənlərlə inqilab zamanında olduğu kimi rəftar ediləcək və hüququ müdafiə olunmayacaqdır, – dedikdə həmin qorxaqlar da əlləri tifrəyə-titrəyə qərarı imza etdilər. * * * Nabat xanım Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi. Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi. Nəhayət, sərdar Rəşid demokratların arasına yol tapmağa başladı. Onlardan bir neçəsini ələ alaraq bütün demokratların siyahısını ələ gətirməyə çalışırdı. Şeşgilanlı Rzabalanın son günlər iclasa vaxtında gəlməsi, axıra qədər oturub müzakirələrdə iştirak etməsi və demokratların kimlərdən ibarət olduğunu Tütünçüoğlundan və başqalarından öyrənməyə çalışması bizim şübhəmizə səbəb olmuşdu. Buna görə də onu nəzarət altına almışdıq. Biz bu xaini nəsihət və qorxutmaqla tutduğu yoldan qaytarmağı düşünürdük. Onu öldürtmək də yaramazdı, çünki o, təzəcə bizim dostumuz Nabat xanıma evlənmişdi. Nabat xanımı bədbəxt etmək istəmirdik. Lakin Rzabala bizim üçün ən qorxulu bir adam sayılırdı. Bu bizim bütün yoldaşlarımızın həbsə alınaraq Rusiyaya sürülməsinə səbəb olacaqdı. O məni də, Ninanı da məhv edəcəkdi, çünki Nabat xanım Məşədi Kazım ağanın baldızı qızı olduğu üçün, Rzabala da bir neçə dəfə Məşədi Kazım ağanın evinə gəlmiş, mənim və Ninanın həyatı ilə də tanış olmuşdu. Buna görə də o öz casusluğuna birinci olaraq məndən, Ninadan və Məşədi Kazım ağadan başlayacaqdı. Buna şübhə yox idi. Mən Rzabalanın düşmən qərargahına düşdüyünü Məşədi Kazım ağaya anlatdım, o, qorxusundan titrəməyə başladı. Mən bu sirri ona verməkdən peşman oldum, çünki onun özü də canının dərdindən bizi sata bilərdi. Bu fikirlə də mən onu sakit etməyi qərara aldım və: – Təlaşa və həyəcana lüzum yoxdur, hələlik Rzabala işə başlamamışdır, lakin biz hər ehtimala qarşı ehtiyatlı olmalıyıq, – dedim, – bu barədə dərin düşünmək lazımdır. Məşədi Kazım ağa çox düşündü, nəhayət: – Çağırıb pul verək bizdən əl çəksin, – dedi. – O özünün xəfiyyə olduğunu boynuna götürərmi? – Bəs necə olsun? "Nabat xanım vaxtı ilə qaraçı evində nicat verdiyimiz qızdır. – Siz Nabat xanımı mənim yanıma çağırmalısınız, – dedikdə o sevinərək: – Yaxşı yadıma saldın, Nabat xanım bu saat bizdədir, – dedi. – Gedib ona məndən salam yetir, mənim onu görmək istədiyimi xəbər ver. Məşədi Kazım ağa getdi, mən oturub düşünürdüm. Əvvəla, onun cəsarət edərək mənimlə görüşə gələcəyinə inanmırdım, çünki o öz ərindən qorxurdu. O, icazəsiz məscidə və hamama getdiyi üçün Rzabalanın onu cəzalandırdığını eşitmişdim. Bu barədə onun qardaşı Pərviz də mənə söyləmişdi. İkincisi də, məsələni ona nə cür izah edəcəyim haqqında düşünürdüm. Nabat xanım inqilaba qiymət verməyə də bilərdi. O, ehtimalıma görə, ərindən qorxaraq onun sözündən çıxmağa və onu satmağa cəsarət etməzdi. Buna görə də Nabat xanımı Rzabalanın əleyhinə istifadə edə bilməyəcəyimi düşünürdüm. Qapı açıldı, Nabat xanım başında çarşab içəri dirdi. Mən onun çarşabını götürəcəyinə heç də inanmırdım, lakin bu barədə səhv etdiyimi çox tez anladım. O, çarşabını götürüb divanın üstünə atdı. saçlarını sahmana saldı, sonra gəlib mənim əlimi sıxaraq oturdu. – Mən sizin icazəniz olmadan çarşabımı götürdüm, – dedi. – Bu barədə əfv ediniz. Mən öz qardaşımdan daha artıq sevdiyim və namusuna inandığım bir zatın yanında çarşablı oturmaqdan utanıram. Zatən bu çarşab bizim üçün çəkilməz bir yükdür, bilmirəm biz nə vaxt bu ağırlıqdan qurtaracağıq? Mən Nabat xanıma çox diqqətlə baxırdım. O mənim qaraçı evində Rəfizadə və Mahmud xanın pəncəsindən qurtardığım Nabat xanım idi. Lakin tamamilə dəyişmişdi. Əvvəla, mən onu Hüsni xanımın (Şümşad xanımın) evindən qurtardığım zaman o bir təbrizli qadını qiyafəsində idi, hazırda o tam mənası ilə avropalı bir qadın idi. Onun saçları da qaraçı evindən qurtardığı gecədəki kimi pərişan və pozğun deyildi. O, saçlarını dalısında toplamış və üstünə parlaq daşlı bir daraq taxmışdı. İkimiz də düşünürdük. Mən məsələni nə cür izah edəcəyim haqqında, o da birinci kərə bu evə necə düşdüyünü xəyalına gətirir və düşünürdü. Nəhayət, mən sükutu pozaraq danışdım: – Mən hər sözdən qabaq Nabat xanımın xeyir işini təbrik edirəm, – dedim. Bu sözdən sonra Nabat xanımın yanaqlarında bir qırmızılıq hiss etdim. Utanan kimi oldu və başına hərəkət verərək: – Təşəkkür edirəm! - dedi. – Lakin qardaşa deməliyəm ki, xeyir işimizdə təbrik ediləcək bir şey yoxdur, siz mənim həyat tariximdəki bədbəxtliyi tamamilə bilirsiniz. Əvvəlcə məni bir dəliyə namizəd edirdilər, bu namizədliyin pərdəsi altında nə kimi xəyanət yatdığını bilirdiniz. Bu bədbəxtlikdən qurtarmaq üçün qaraçı evlərinə fal açdırmağa qədər getdim, nəhayət, başıma olmazın fəlakətlər gəldi. Siz mənə nicat verdiniz, məni namussuz əmimin də əlindən qurtaran siz oldunuz. Bunu mənə qardaşım Pərviz tamamilə danışmışdır. Axırda hazırkı ərim mənə elçi göndərdiyi zaman ailəmiz razı deyildi, mən özüm razı oldum - əqidəli bir adamdır, demokratdır, yaxşı bir ailə düzəldərik, – dedim, lakin yenə də yanıldım. Mən təəccüblü bir halda soruşdum: – Nə üçün? – Onu sizə tanıtmaq üçün uzun saatlar danışmaq lazımdır. – Hərgah getməyə tələsmirsiniz danışın, dərdinizi deyin, bəlkə də, sizə bir çarə tapa bilərəm. – Yox, tələsmirəm, o Təbrizdə deyil, iki günlüyə Kavkan şəhərinə gedibdir. – Ora nə üçün gedib? – Orada tələbləri vardır. Borclularından birisi ölübdür, pullarını almağa gedibdir. – Çox gözəl, indi özünüzü sərbəst hiss edə bilərsiniz. Həyatınızdan danışın görüm. Nabat xanım bir ah çəkdi, onunla da içərisindəki çəkilməz dərdlərin ağırlığını bildirərək sözə başladı: – Onun məndən başqa da bir arvadı vardır, lakin o qadın nə isə böyük bir dərdə tutulmuşdur. Onun başının ətləri şişib üzünü tutmuşdur. Bumu o qədər böyümüşdür ki, üzünün görünməsinə mane olur, çox qorxulu sifəti vardır, buna görə də ailə içərisində belə üzünə pərdə salır, insana görünmək istəmir. Bundan başqa bir də anası vardır. Yemək, içmək hamısı bir yerdədir. Hər gün haman xəstə və yaralı qadınla üz-üzə oturub bir yerdə yeməlisən, evdə ananın və böyük qadının icazəsi olmadan bir şeyə əl vurmağa qadir deyilsən. Yemək, içmək, oturub-durmaq haman yaralı qadının və qoca anasının icazəsindən asılıdır. Bir şahı pul lazım olursa, ya onun anasından, yainki evin böyüyü sayılan birinci qadından istəməlisən. – Əcəba, həmin yaralı qadın nədən ötrü evdə saxlanmışdır? – Çünki Rzabalanın dövləti haman qadınındır. Onu boşadıqda bütün var-dövlətdən əli çıxır. Qadının tayfası da böyükdür, Hacı Mir Manaf Sərrafın ailəsinə mənsubdur. Nə dövlətdən, nə də tayfadan əl çəkə bilmir. Qəribə orasındadır ki, hər cümə axşamı haman yaralı qadının yanında gecələməlidir. Buna görə də mən onun özündən də iyrənirəm. Belə görürəm ki, onun özü də xəstədir, əlindən nə cürə qurtaracağımı bilmirəm. – Barı özü xəsis deyil ki? – Xəsisliyi dövləti qədər böyükdür. Övladı yoxdur, böyük xərci yoxdur, kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyduğunu gördüm. Evləri, kəndi, torpağı, ticarəti də ki, sizə məlumdur. Lakin evindəkilər bir qarın ac, bir qarın tox yaşamağa məcburdur. Gündə dörd nəfər üçün yarım ponzaf ət alır. – Əcəba, bunu dörd adam üçün nə cür təqsim edirlər?l – Bu ət dörd adam üçün deyildir. Ancaq onun özü üçündür. Əvvəlcə həmin əti yaralı və xəstə qadın yeyir, ətin yağı çıxdığı zaman ondan bir qaşıq götürüb ocağın yanında basdırılmış küpəyə tökməlidir. Bu qış üçün yağ tədarüküdür. Sonra həmin ətin suyundan qatıq aşı bişirib onun hücrəsinə göndərirlər, ətini də axşam düyü üstünə qoyub plov edirlər. Rzabalanın otağına verirlər, ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşür. Yemək öz yerində dursun, bunsuz da yaşamaq mümkündür. Lakin özləri yaşamağa layiq adamlar deyillər, başıma nə çarə edəcəyimi bilmirəm. Təbrizin adətini də bilirsiniz: ər evindən qaçmaq və tez-tez boşanmaq da namussuzluq hesab olunur. Üstümdə gördüyünüz bu paltarlar və qiymətli daşların hamısını bir tərəfə gedəndə onun anasından təhvil götürməli və yenə də evə qayıdanda sayıb ona təhvil verməliyəm. Mənim heç bir şeyim yoxdur və heç bir ixtiyarın sahibi də deyiləm. Çox heyif olsun ki, Rzabala kimi adamlar da demokratdır, xalqa azadlıq vermək istəyən bu 1Yarım ponza – 30 qram miqdarındadır. adamın öz evində əsir və kölələr yaşayır. Mən çox təəssüf edirəm ki, o cürə adamlar, sizin kimi vicdanlı və namuslu adamlarla yoldaşlıq edir. Onların hamısı hiylədir, öz dərisini qorumaq, öz dövlətini artırmaq üçündür, buna siz inanın! Nabat xanım daha danışmadı, onun dərdləri coşmuşdu və söhbətinə mane olurdu. Bir az da danışsaydı, şübhəsiz ki, ağlayacaqdı. Məsələni ona izah etmək lazım idi, o öz söhbətləri ilə də buna zəminə hazırlamışdı. – Mən sizin ərinizi çox yaxşı tanıyıram, – dedim, – sizi bunun üçün də yanıma çağırmışam. Bizim cərgələrimizdə elələri də az deyil, buna görə də bizim işlərimiz irəli getmir. İndi mətləbə keçək. Sizin əriniz öz dediyiniz kimi yalançıdır, lakin o bu yalançılıqla da kifayətlənmir. O, demokratları satmağa hazırlanır, o öz xalqına xəyanət etmək istəyir, buna görə də sizi yanıma çağırmışam, bilmirəm bu barədə bizə kömək edə biləcəksinizmi? Nabat xanımın rəngi dəyişdi, onun üzündə şadlıq nişanələri göründü. – Mən çoxdan bəri sizin yaxşılıqlarınıza qarşı xidmət etmək istəyirdim. Vicdanım məni rahat buraxmırdı, lakin bir vasitə ələ düşmürdü, indi isə bunu sizin özünüz təklif edirsiniz. Buyurun görüm mən sizə bu barədə nə kimi xidmət etməliyəm? – Hələlik siz onun dəftərlərini, yazılarını, məktublarını yoxlamaq üçün bizə imkan yaratmalısınız. – Mən hazıram, lakin bu imkanı nə cürə yaradacağımı bilmirəm. – Siz bu gecənin özündə qapıları açıb bizimkiləri onun xüsusi otağına buraxmalısınız. Qorxmayın, sizin qardaşınız Pərviz də orada olacaqdır. Yalnız onun yazıları yoxlanacaqdır. Heç bir şey yerindən dəbərilməyəcəkdir. Biz ancaq onu öyrənəcəyik. Sizin birinci xidmətiniz bundan ibarət olmalıdır. Bunu bacara bilərsinizmi? – Bacara bilərəm. Onun sandığının açarları qoyulan yeri də sizə göstərə bilərəm. – Evdə nökər-filan vardırmı? – Heç kəs yoxdur, axşam saat yeddidə qapı bağlanır, böyük qadınla anası bir otaqda, mənsə başqa bir otaqda yatıram, onun özünün otağı da bu iki otağın arasındadır. Axşamları evinizə qonaqlar gəlirmi? – Xeyr! Evimizi bir adam tanımaz. O, qonağı sevməz, çünki qonağa bir stəkan çay vermək lazımdır... – Deyin görüm bizimkilər nə vaxt gəlsin? – Gecə saat on birdə hamı yatmış olur, mən küçə qapısını açıb gələnləri gözlərəm. Siz özünüzdəmi gələcəksiniz? – Xeyr, gələnlər Pərviz, Tütünçüoğlu və Həsənağa olacaqdır. Qorxmayın, evinizdən bir tük belə əskik olmayacaqdır. Danışdıq, razılaşdıq və eyni zamanda onu Rzabalanın əlindən qurtarmağa da söz verdim. O, əlimi bərk-bərk sıxaraq ayrıldı. * * * Rzabalanın küçə dəhlizi olduqca qaranlıq idi. Qabaqca Pərviz, sonra da Tütünçüoğlu və Həsənağa daxil oldu. Həyət də o qədər işıqlı deyildi, çünki əvvəla otaqlardakı lampalar söndürülmüşdü, ikincisi də, İran həyətlərində fənər yandırılması adət deyildi. Xiyabanın başında bir qaraltı görünürdü. Pərviz qaraltıya çox diqqətlə baxdıqdan sonra onun Nabat xanım olduğunu və onları gözlədiyini anladı. Yavaşdan səslədi: – Nabat sənsənmi? Qaraltıdan səs gəldi: – Mənəm, Pərviz! İrəli gəlin! Nabat xanım qabaqda, Pərviz ilə yoldaşları isə onun dalınca gedirdi. Nabat xanım gecə paltarına bürünmüşdü. Gecədən daha qara olan saçları bir hörükdə dalına tökülmüşdü, ayağında nazik və səssiz bir keçə başmağı vardı. Onun bədəninin hərəkəti və yavaşdan danişarkən səsinin titrəməsi özünün uzun zaman durub gözlədiyini və dekabr soyuqlarından üşüdüyünü göstərirdi. Nabat ev dəhlizinə girib oradan kiçik bir otağa keçdi, otaq kiçik bir lampa ilə işıqlanmışdı. Nabat xanım işıqlı otağa girən kimi vaxtikən hazırladığı bir şalı götürüb başına saldı və otaqdakılara muraciətlə: – Bağışlayasınız, gecə paltarındayam, – dedikdə Pərviz: – Burada yad adam yoxdur, - dedi, – gərək ki, bunları tanıyırsan, öz yoldaşlarımızdır. Nabat xanım əvvəlcə Rzabalanın anası və birinci arvadı yatan otağın qapısını daldan bağladı və sonra Pərvizə müraciətlə: – Gəlin dalımca! – dedi və salondan sola tərəf açılan qapıdan içəri girdi. Nabat xanım Rzabalanın otağının pəncərələrini qapamışdı, içəridə hər nə baş verirsə versin, eşikdəkilərin xəbəri olmayacaqdı. O, böyük lampaları yandırıb otağı işıqlandırdı. Əvvəlcə yazı stolunun üstündəki kağızlar yoxlandı, xBəlvayi-Təbrizə adlı balaca kitabçanın içərisindən 9-cu ildə əks-inqilabçı təşkilat sayılan dİslamiyyəə təşkilatına yazılmış iki məktubun qarası çıxdı. Birinci məktub: «Cənab Şücai-Nizam Şükrulla xan! Səttar xan və Bağır xanın müdafiə tədbirləri bundan ibarətdir: Quruçay və Xiyabandan tutub Acıçayına, Bağmeşə tərəfindən Şeşgilan sərhədinə, Bağmeşə dərvazasından Mirzə Cavad müctəhid küçəsinə və buradan keçib Sahibüləmr meydanı, Dəvəçi qapısı və Saman meydanına qədər bütün bəndərlər və keçidlərdə səngərlər düzəldib toplar yerləşdirilibdir. Bu tərəflərdə camaatı səfərbər edib iki yüzə qədər səngər qayırmışlar. Səngərlərin hər birisində iyirmi nəfərdən artıq gözətçi yoxdur. Bunlar növbə ilə dəyişilirlər. Seyid İbrahim məqbərəsi və Əli Eyrançı Dərbəndi tərəfləri boşdur. Bu tərəflərdən hücum edib Əncüməni işğal etmək mümkündür. Ləklər küçəsi tərəflərində də istehkamlar yoxdur. Hər halda Əmirxizi işğal etmək və Səttar xanın mərkəzini dağıtmaq ancaq bu tərəflərdən mümkündür. Sizin müxlis bəndəniz Azaöala Şənbə, cəmadiyələvvəlin 26-ında». Bu məktub göstərirdi ki, Rzabala indi deyil, hətta 7-ci illərdən başlayaraq Təbriz inqilabçılarının sirlərini hökumət ordusuna verirmiş. Bu məktublar nəticəsində biz hökumət ordusunun istehkam olmayan tərəflərdən hücum edib inqilab mərkəzinə soxulduqlarını xatırlayırdıq. Bu məktubun surətini Pərviz çox sürətlə köçürüb ikinci məktubu oxumağa başladı. İkinci məktub Rzabala tərəfindən sərdar Nüsrət Rəhim xana yazılan məktubun qarası idi. €Cənab sərdar Nüsrət! Xudavəndi-aləm özü şahiddir ki, bəndə və mənim ailəm, sizin Təbrizə nicat vermək üçün gələn gününüzü bayram etdik. Çox təəssüf edirəm ki, silah götürüb özümü sizin qədəmlərinizdə qurban etmək səadətindən məhrum olmuşam. Malım, dövlətim, ailəm, bədbəxtanə inqilab məhəlləsində əşrarın içindədir. Bunlar tüccarın var-yoxunu alıb mücahidlərə verirlər. Tez-tez vergi verməmək üçün gedib demokratların dəstəsinə qoşulmuşam, bir təhərlə başımı dolandırıram. Mənim kimi yüzləri vardır. İnqilab qanunları, inqilabın əleyhinə gedənlərin bilatəxir edam edilməsinə əmr edirlər, buna görə də səsimizi çıxarmaq mümkün deyil. Sizin ayağınızın torpağına qurban olum, bizi bağışlayın! Məktu» gətirən qadınla cənab sərdar Nüsrət üçün iki şüşə də əla şərab göndərdim. Həzrət əşrəfin yenə də nə əmri olsa hazıram. Rzabalaə. Hamısından sonra bu məktubların cavabını axtarmaq lazım idi, buna görə də yazı stolunun üstündəki kitabları diqqətlə varaqlamağa başladılar. Axtarışda Nabat xanımın özü də iştirak edirdi. Yazı stolunun qutusundan birinci arvad və ikinci arvadın kəbin kağızları çıxdı. Nabat xanım kəbin kağızını gördükdə: – Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. O məlun kəbin verməmək üçün bu kağızı bizdən oğurlatdırmışdır, – dedi və yenə də kəbin kağızını yerinə qoydu. Yeşiklərdən əldə edilən vəsiqələrdən Rzabalanın Məmmədəli şah Təbrizdə vəlihəd olduğu zamanlardan bəri casusluq etdiyi meydana çıxdı. Rzabala 12-ci illərin əvvəllərində Müxbirissəltənə Təbrizdə olduğu zamanda da xalqın əleyhinə materiallar verirmiş. Nədənsə Rzabaladan tapılan vəsiqələr içərisində onun Səməd xan ilə olan əlaqəsinə dair heç bir vəsiqə tapılmadı. O nə Səməd xan, nə də çar konsulxanası ilə əlaqədə olmamışdı. Belə görünür ki, Rzabala inqilab əleyhinə çalışmağa öz məmləkəti üçün qiymətli bir xidmət hesab edirmiş. Buna görə də rusofil Hacı Səməd xanı sevməmiş və onunla əlaqə saxlamamışdı. Onun sandıqlarını açmaq lazım gəlirdi. Nabat xanım qalxıb yazı stolunun sağdan birinci qutusunu çıxarıb yerə qoydu və əlini uzadıb stolun böyründən iki açar çıxartdı. Qabaqca sandıqlardakı vəsiqələr yoxlandı, kiçik bir qovluqda onun mühüm vəsiqələri yerləşmişdi. Onun vəsiqələri içərisində Rəhim xan və Eynəddövlədən aldığı himayə vərəqələri vardı. €Cənab Rzabala Şeşgilani çox müsəlman və inanılmış adamdır. Dövlət və millətin xeyirxahıdır, məşrutəçilərin əleyhinə olduğu üçün bizim himayəmizdədir. Qoşun rəislərinə tapşırılır ki, cənab ağaya heç bir vəchlə zəhmət verməsinlər. Sərdar Nüsrət Rəhim xanə. Rzabalanın Eynüddövləyə yazdığı məktubunda bütün mücahid rəhbərlərinin və məşrutə yolunda çalışanların siyahısını yazıb göndərdiyi məlum oldu. Onun sandığından belə bir siyahı çıxdı: «Cənab şahzadə! Məşrutə yolunda malından, canından keçənlər bu adamlardan ibarətdir. Məhəllə səngərlərində oturan mücahidlərin sərkərdələri həmin məktubla sizə göndərdiyim bidinlərdir: Xiyaban, Bağmeşə, Maralan səngərlərində Ağa Mir Haşım və onun oğlu Ağa Mir Məhəmməddir. Nayib Tağı (Bala Tağı), Nayib Cəlil, Kərbəlayı Seyid Hüseyn, Çavuş ağa Həsən (məşhur dəli), Maralanlı Nayib Hüseyn xan, Kəblə Həmzə Fərraşbaşı, Hacı Hüseyn Əllaf, Nayib Məmməd (əhəng bişirən), Məmməd ağa Nəccar, Məmmədəli Soltan və Cəfər xan Qarabığlar, Ağa Mir Həsən Mirabdullaoğlu, Mir Kərim ağa, Hacı ağa, Ağa Hüseyn (üç qardaşlar), Ağa Əli Qarabağlı, Ağa Seyid Hüseyn Acudanbaşı, Hüseyn Bağban. Səttar xanın ərkani-hərbini təşkil edənlər isə bunlardan ibarətdir: Əli Müsyö. Fərəc ağa. Abdulla Qafqazlı. 4, Hacağa (Əli Müsyönün oğlu). Məşədi Mir Tağı. Mirzə Ələkbər Naxçıvanlı. Mahmud Əminiltüccar və sairə. Cənab şahzadəyə öz bəndəçilik ərzimi təqdim edib deyirəm ki, başqalarının da nə vəzifədə olduqları haqqında məlumat verəcəyəm. Bəndəniz Rza)ə. Qovluğun içərisində sərdar Rəşid tərəfindən yazılmış təzə bir məktub vardı. eCənab Rzabalal Dövlətə və hökumətə dair vəsiqələrin içərisində və dövlətə xeyirxah olanların siyahısında cənabınızın ismi-şərifi vardır. 7-ci ildən başlamış 11-ci ilin sonlarına qədər dövlət və millətə müəyyən və dəyərli xidmətləriniz olmuşdur. Cənab sərkarın 3 ildən bəri olan fəaliyyətsizliyinin səbəbini bildiyimiz üçün bu barədə danışmağı artıq hesab edirik. Lakin bu gündən etibarən məmləkət həqiqi bir İran dostunun əlinə tapşırıldığından, sizin də öz vəzifənizə başlamağınız və təşriki-məsai etməyiniz lazımdır. Cənab sərkarın boş vaxtı olsaydı, şifahən danışıb, vəzifəsini təyin edərdik. Düagü sərdar Rəşidə. Rzabalanın sərdar Rəşidlə görüşüb-görüşmədiyini yoxlamaq üçün onun fotoşəkillərindən birisini götürdülər, onu Mahrunun vasitəsilə yoxlamaq lazım gəlirdi. Qovluğun içərisindən çıxan uzun bir məktub isə onun son xəyanətlərini göstərirdi. Məktub yarımçıq idi, qurtarıb imza edilməmişdi. «Həzrət əşrəf sərdar Rəşidin, başımızın sahibinin, millət və məmləkətimizin fəxrinə səbəb əlan cənabın hüzurunall Mənim atam və babam bütün həyatlarını İran hökumətinin və onun başında duran şahənşahın xidmətlərini yerinə yetirməklə keçiribdir. Dövlət və hökumət bizim ailəmizdən xidmət və sədaqətdən başqa heç bir şey görməmişdir. Son illərin iğtişaşı və əşrarın hökumət əleyhinə baş qaldırdığı zamanlarda da bəndə öz xidmətimi əsirgəməmiş və qorxulu «əzaları nəzərə almamışam, fəaliyyətimi dayandırmamışam. Bu barədə əlimdə dəyərli vəsiqələrim də vardır. Mənim Hacı Səməd xan dövründə olan sükutuma səbəb yenə də millət və dövlətə olan məhəbbətimdir. Hazırda həzrət əşrəfin iş başına gəlməsi, Azərbaycanın sadiq bir İran oğluna tapşırılması yenə də mənim ruhumun ucalmasına səbəb oldu. Bunun üçün həzrət əşrəfin buyurduqlarına əsasən imkan qədərində bəzi kiçik xidmətlərdə olmaq istəyirəm. Həzrət əşrəfin hüzuruna bunu da ərz etmək istəyirəm ki, bəndə demokrat firqəsinə öz riza və rəğbətimlə daxil olmamışam, mən bir çoxları ilə bərabər Məmmədəli şah Təbrizdə vəliəhd olduğu zaman onun göstərişi ilə daxil olmuşam. Hazırda vəziyyət yenə də ağırdır. 11-ci ildə Təbriz nəzmiyyəsi pərdəsi altında düzələn inqilabçı dəstə Əmir Heşmətlə bərabər çəkilib getdikdən sonra onun yerinə başqa bir dəstə düzəlmişdir. Bu dəstə gizlində çalışır, bütün şəbnamələri (intibahnamələri) buraxanlar da həmin bu dəstədir. Onların başçılarından birisi Əbülhəsənbəy adında bir qafqazlıdır. İran başbileti alıbdır. Hər kəs də onu bir iranlı kimi tanıyır. Yanında bir rus qızı da vardır ki, konsulxanada çalışır. Oradan gizlin vəsiqələrin surətini çıxarıb haman adama gətirir. Bu adam Səttar xan dövründən bəri Təbrizi alt-üst edibdir. Bunları nə Hacı Səməd xan, nə də konsulxana tuta bilmir. Əllərində çoxlu silahlar və pullar da vardır. İnşallah, həyat baqi olursa, yaxın günlərdə bütün demokratların siyahısını, olan yerlərini və onların silahlı qüvvələrini öyrənib həzrət əşrəfin nəzər-diqqətlərinə yetirərəm...) Məktub bitməmişdi, demokratların siyahısı da tutulmamışdı. Yəqin ki, bu təxirə onun Kavkan şəhərinə öz tələblərini yığmaq üçün getməsi səbəb olmuşdu. ki Rzabala Kavkan şəhərindən qayıtmazdan əvvəl biz Nabat xanımla bir daha görüşməli və Rzabalanın məsələsini həll etməli idik. O, Təbrizə gələndən sonra bütün sirləri sərdar Rəşidə verəcək və bununla da bizi məhv etmiş olacaqdı. Rzabalanın məsələsini demokratların iclasında qoyduq. Bu iclasa ancaq müəyyən adamları dəvət etmişdik. Mən Səttar xanın sözünü heç bir zaman unutmamışdım: o, bir çox mühüm məsələləri iclasda qoymaq istəməzdi. O deyərdi ki, bizim ətrafımızda demokrat donuna girmiş xainlər az deyil, ehtiyatı əldən vermək yaramaz! Rzabalanı məhv etdirmək məsələsinə gəldikdə onu Nabat xanımla razılaşdırmalı idik. Bunun üçün də onu öz yanıma çağırmışdım. Lakin bundan qabaq bir şeyi öyrənmək lazım idi, çünki Rzabalanın sərdar Rəşidlə görüşüb-görüşməməsi bəlli deyildi. Hərgah o, sərdar Rəşidlə görüşüb və bizim siyahımızı ona vermişsə, o zaman biz başqa tədbirlər görməli idik. Hərgah siyahını verməmişsə, Rzabalanın özünün məhvi üçün tədbir lazım idi. Bu məsələni təhqiq etmək üçün səhər tezdən Mahru xanımı çağırmışdim. Mahru xanım çox tez gəldi, öz dediyinə görə tez də getmək istəyirdi. Mahru əlimi sıxaraq yerində oturan kimi: – Sizə təzə xəbərlər gətirmişəm, – dedi. – Nə kimi xəbərlər? – Qardaşım konsulxanadakı ziyafətdən qayıtdıqdan sonra sizin barənizdə fikrini tamamilə dəyişmişdir. – İndi onun fikri müsbətdirmi, mənfidirmi?1 Bu sözdən Mahru gülərək: – Mənfi bir təbiətə malik olan o kimi alçaqdan müsbət fikir doğa bilərmi? – dedi. – O, birinci növbədə sizə azad gedib-gəlməyimə icazə vermişdir. O deyir ki: cƏsəd ilə olan əlaqəni də müəyyən vaxta qədər davam etdirməlisən. Ancaq Əbülhəsənbəyin evinə gedib-gələnləri öyrənib mənə xəbər verməlisən. Hərgah dediklərimi yerinə yetirmiş olsan, münasib vaxt əldə edilən kimi səninlə Əsədin xeyir işinizə sərəncam verəcəyəmə. Buna görə də ayıq və ehtiyatlı olmalısınız, çünki sərdar Rəşid sizin üçün çox qorxulu düşməndir, o sizi məhv etmək üçün bir bəhanə axtarır. – Sizdən çox razıyam, Mahru xanım! – Siz məni Mahru xanım çağırmayın, mən sizə ən məsuliyyətli sirlərlə bağlıyam. Bu əlaqəni yenə də bir əqidə yoldaşı kimi davam etdirəcəyəm. Mənə hər iş tapşıra bilərsiniz, inqilabın və xalqın qələbəsi yolunda mən hər bir işi ifa edə bilərəm. Sizin məqsədinizin qələbəsini özüm üçün böyük bir səadət hesab edirəm, çünki sizin nə üçün və kimlər üçün işlədiyinizi bilirəm. Mən bunu 11-ci ildə də bilirdim. Mən o zaman sizə inandığım üçün də səhv etməmişəm, mənim Əsədə bağlandığım da onun bu xalqa bağlı olması və doğru bir yolda işləməsinə görədir. – Getdiyiniz yol çox doğru yoldur. İran tarixində yalnız bu yol ilə gedənlərin adı həmişəlik qalacaqdır. Yalnız bu yolu davam etdirməklə zülmün kökünü kəsmək mümkündür, Mahru xanım, sizin və sizin kimilərin bugünkü zəhmətləri bir zaman çox qiymətli məhsul verəcəkdir. Bir gün bu zəhmətin nəticəsində tək-tək adamlar milyonların müqəddəratını həll edə bilməyəcəkdir. Xalqın ixtiyarı padşahların əlindən alınacaqdır. Bir gün gələcəkdir ki, tacı başında saxlamaq üçün milyonları qırdıran padşahları xalqın məhkəməsinə sürüyəcəklər, məmləkətimizi xalqın özü idarə edəcəkdir. O zaman milyonlarla Mahrular sərdar Rəşidlərin və başqalarının pəncəsindən azad olacaqdır. Mahru xanım, bunların hamısını istəyirsinizmi? – İstəyirəm! – İndi ki, istəyirsiniz, bizimlə həmişə əlaqə saxlamalı, sərdar Rəşidin bütün hərəkətlərini təqib etməlisiniz. – Mən daim onu təqib edirəm, onun sizə lazım olan bütün yazılarının üzünü çıxarıram. – Sizin bizə lazım olmadığını zənn etdiyiniz bir çox yazılar ola bilər ki, birinci növbədə bizə lazım olar. Onun ən adi bir işdən ötrü yanına çağırdığı adamların da adını öyrənmək və nə üçün çağırıldığını bilmək üçün çalışmalısınız. Siz onun yazı otağına girməyə müvəffəq olmalısınız, özünüzü ona elə tanıtdırmalısınız ki, onun yazdığı şeyləri götürüb oxuduğunuz zaman o heç bir zaman sizdən şübhələnməsin. – O mənim üçün çətin deyil. Mən onun yazı otağına hər zaman girə bilərəm, özü olanda da, olmayanda da bu mümkündür, çünki o məni daima öz yanında görmək istəyir. O mənsiz çay içməz, mənsiz yemək yeməz, o mənim əsirimdir. Mahru ilə uzun-uzadı danışmaq və ona lazımi göstərişlər vermək mümkün olmadı, çünki həm onun özü getməyə tələsirdi, həm də mən Nabat xanımı gözləyirdim. Buna görə Rzabalanın şəkli haqqında ondan məlumat almaq istədim. Mahru xanımla söhbətimiz bitdikdən sonra, o yenə də oturub üzümə baxırdı. O, tərəddüdlü adama bənzəyirdi, sanki onun demək istədiyi daha mühüm sözləri var idi. Mən onun xasiyyətini bilirdim, o lazımi sözlərini çox tərəddüdlə söylərdi. Ona sual verdim: – Mahru bacı, deyəsən, yenə də deməli sözünüz vardır? – Vardır, əziz qardaşım! – dedi. – Bu xəbəri sizə vermək üçün özümdə cəsarət görmürəm, vicdanım əziyyət çəkir. – Nəhayət, siz o xəbəri mənə verməyinizi lazım görürsünüzmü? – Onu sizə xəbər verməmək mümükün deyil, çünki o sizin də həyatınıza sui-qəsd hazırlayır. – Nə üçün? Mənim inqilabçı olduğumu bildiyi üçünmü? – Xeyr. Onun sizin inqilabçı olduğunuzdan xəbəri yoxdur. – Onda bəs məni nə kimi bir təqsirin səbəbinə məhv etmək istəyir? – Sərdar Rəşid İraidanın birdən-birə çıxıb getməsinin səbəbini sizdə görür. Son günlər o, rus konsulxanasından İraidanın ünvanını tapdırıb həmin ünvanla İraidanın anasına məktub göndərmişdir. Məktubun cavabı gəlmişdir, cavabda yazılır ki, İraida Təbrizdədir. Bu məktubdan sonra onun sizə olan münasibəti dəyişmişdir. Buna görədir ki, sizi təqib etmək işini mənə tapşırmışdır. Mən sizə yalvara-yalvara tapşırıram, ehtiyatlı olun. O, Nina haqqında da xain fikirlər bəsləyir. O sizi məhv etdirdikdən sonra Ninanı da evinə gətirmək arzusundadır. Siz onu konsulxanada verilən ziyafətdə təhqır etmişsiniz. Siz onu bir vali kimi saya salmamışsınız, onunla bir rəiyyət kimi danışmışsınız. Hətta mənim kim olduğum haqqında da ona söyləmişsiniz. Belə deyilmi? – Belədir, Mahru bacı! – O, konsulxanadan qayıdan kimi məni yanına çağırdı, bu sirri sizə verdiyim üçün mənə acıqlandı. Mən isə bəhanə gətirdim və bu sirrin vaxtı ilə İraida tərəfindən sizə verildiyini deyib onu inandırdım. O, cavabında dedi ki, artıq İraida yoxdur, bu sirri bilən Əbülhəsənbəyi məhv edib Ninasını da bu evə gətirərəm. – Qoy nə bacarırsa etsin. Ehtiyatlı olmaq bizim üçün daim lazımdır. Sizin və başqa yoldaşların köməyi olursa, biz onları çox asanlıqla məğlub edərik, indi isə sizdən bir şeyi öyrənmək istəyirəm. Bu şəklin sahibi sərdar Rəşidin yanına gəlib-gedirmi? Bunu deyərərk Rzabalanın şəklini çıxarıb ona verdim. Mahru uzun dəqiqələr şəklə baxdıqdan sonra mənə qaytarıb: – Xeyr! – dedi, – Bu cürə adam bizim qapımızdan içəri girməmişdir. – Bəs necə olubdur ki, sərdar Rəşidin bu adama yazdığı uzun bir məktubdan xəbəriniz olmamışdır? Halbuki bu məktubda yazılanların həyata keçməsi bizim məhvimiz deməkdir. Bu sözlərdən sonra sərdar Rəşidin Rzabalaya yazdığı məktubun surətini çıxarıb Mahruya göstərdim, o, məktubu diqqətlə oxudu və sonra da: – Ola bilər ki, mən evdə olmadığım zaman yazılmışdır. Bəlkə də, hökumət dairəsində yazıb göndərdiyi məktubdur. Hər halda diqqətli olmaq lazımdır. Mahru xanım mənim söhbətlərimdən razı qaldığını və bizə «iddiyyətlə kömək göstərəcəyini bir daha təkrar edərək vidalaşıb getdi. Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa başladı. Nina məsələsi təzədən aralığa atıldığından Mahmud xan məsələsinin təkrar olunacağını xatırladım!. Mən sərdar Rəşidin bu xain arzuya nail ola bilməyəcəyini çox yaxşı bilirdim. Bilirdim ki, mənim məhvimdən sonra da Nina sərdar Rəşid kimi adamlara satılan qız deyildir. Lakin buna baxmayaraq, bu xəbər məni zəhərlədi, çünki sərdar Rəşidin mənimlə olan mübarizədə işlətdiyi bu üsul yeni mübarizə üsulu deyildi, namussuzluq və xəyanətin ən alçaq bir şəkli idi. Buna baxmayaraq, Mahru xanımın gətirdiyi bu xəbər sərdar Rəşidə qarşı aparacağım mübarizədə mənim iradə və qətiyyətimi bir daha möhkəmlətdi və dərinləşdirdi. Qapını vurdular. Nabat xanım gələcəkdi, mən bütün kədərlərdən silkindim. Qəm və qüssənin tozlarını öz qəlbimdən sildim və durub otaqda gəzişməyə başladım. Bir-iki dəqiqə də belə keçdi. Nəhayət, otağın qapısı açıldı, Nabat xanım içəri girdi, çarşabını başından götürüb divanın üstünə qoydu, əlimi bir avropalı qadın kimi sıxıb yanımdakı stulda əyləşdi. Onun qara gözlərinin ətrafında yuxusuzluq və dərin kədərlərin əlaməti olan göy həlqəni görürkən ona muraciətlə dedim: – Nabat xanım, dünən gecə sizi narahat etdiyimiz üçün üzr istəyirəm. Gözlərinizdən bütün gecəni yuxusuz qaldığınız və kədərləndiyiniz məlumdur. Eybi yoxdur. Bu yuxusuzluqdan sizin üçün bir mənfəət olsaydı, mən çox şad olardım. – Dünən gecəki axtarışda böyük və lazımlı vəsiqələr tapıldığını bilirsiniz. Lakin bu vəsiqələr haqqında danışmaqdan qabaq mən bir şeyi bilmək istəyirdim. Ancaq sizdən rica edirəm ki, öz ürəyinizi məndən gizlətməyin, çünki bu məsələdə sizin fikriniz qəti rol 0ynamış olacaqdır. – Mən öz qəlbimi sizdən gizlətməyəcəyəm, hərgah mən ikiüzlü qadın olsaydım, sizin təklifinizə razı olmaz və evə buraxmazdım. – Çox gözəl, indi sizdən soruşuram: siz ərinizin öz xalqının xaini və casusu olduğunu bilirsinizmi? – Necə ki, bilmirəm? Haman vəsiqələr mənim öz gözümün qabağında tapılmamışdırmı? – İndi deyin görüm, siz ondan xilas olmağı istəyirsinizmi? – O mənim vahid arzum deyildirmi? – Onun məhvi və yaxud uzun müddət həbsə alınması sizi incitməzmi? – Əvvəlinci təklif yox, ikincisindən inciyərəm. Mən onun həbs olunması tərəfdarı deyiləm. – Yaxşı fikirləşinl Burada bir nəfərin həyat məsələsi həll olunur. Hərgah bu hadisə sizi az da olsa kədərləndirəcəksə, onu bizə xəbər verməlisiniz. – Onun yaşaması həm mənim, həm də xalqın yaşaması üçün zərərlidir. Onun bir insan kimi dəyəri yoxdur. Havadan, sudan və günəşdən həzz almağa səlahiyyətli deyil. Bu mənim son sözümdür. Məni ondan xilas edin, ölənə qədər sizə duaçı olaram. – Ö nə vaxt gələcəkdir? – Bu gün axşam. – Elə isə o bu gün axşam evə gələn kimi, yerə oturmağına macal verməyərək deyərsiniz ki, səni təcili iclasa çağırıblar. – İclasın harada çağırıldığını demək lazım deyilmi? – Deyərsiniz ki, iclasa çağıran adam dedi ki, cənab Rzabala 4-5 ünvana buyursunlar. Hərgah o gəlmək istəməsə, birtəhərlə küçəyə çıxıb qapınızdakı səkidə iki daşı bir-birinin üstünə qoyarsınız. Bu mümkündür ki? – Mümkündür! Belə də edərəm, - dedi. Nabat xanım vidalaşıb getdi, biz isə Rzabalanın iclasa gələcəyinə əmin idik, çünki o bizi təcili surətdə öyrənməli və sərdar Rəşidə xəbər verməli idi. —ö— ə. Rzabala içəri girdiyi zaman otaqda bir mən, bir də Tütünçüoğlu idi, yoldaşlardan dörd nəfər içəri otaqda oturub bizim qərarımızı gözləyirdi. Saat 12 idi. Hava çox soyuq və qaranlıq idi. Rzabala içəri girən kimi bizdən başqa bir nəfəri görmədiyi üçün soruşdu: – Bəs yoldaşlar haradadır? – İndi hamısı gələcəkdir. Siz bir az vaxtından tez gəlmişsiniz. – Mən yarım saat bundan əvvəl səfərdən gəldim. Nabat xanım iclas olduğunu xəbər verdi, hələ içəri girmədən xurcunu evə verib iclasa tələsdim. Eybi yoxdur, bizə iclas hər şeydən vacibdir, hazırda çox məsuliyyətli zamandır. Yaxşı olar ki, belə iclasları çox tez-tez çağıraq, doğrusu budur ki, əziz yoldaş, biz öz səhvlərimizi gözdən keçirməliyik. Mənim zənnimcə, Təbrizdə yüz nəfərə qədər demokrat firqəsi üzvü vardır. Amma biz iclas zamanı 10-15 nəfərdən artıq görmürük. Əcəba, bunları intizam altına almaq lazım deyilmi? – Elədir, Rzabalal – dedim. – Bu gecə sizi də ondan ötrü bura çağırmışıq. Əvvəlcə sizin özünüzdən başlayacağam. Bu sözdə Rzabalanın rəngi ağardı, o sanki bir şey hiss etdi və: – Məgər aaağa mə-mə-məni tanımırmı? – Görünür ki, tanımamışam. – Elə isə mən xudahafiz! İndi ki, cə-cə-cə-nab aaağa məndən şübhəlidir, mən bir də bura dolanmaram. Qalxıb getmək istədikdə oturmasını əmr etdim: – Otur! Buradan salamat dışarı çıxmaq üçün doğru danışmaq lazımdırl Rzabala məsələni bu cür gördükdə, özünü tox və qorxmaz göstərmək üçün başqa cür danışmağa başladı: – Siz heç bilirsiniz nə edirsiniz? – Çox yaxşı bilirəm, səni burada həbsə almışam. Bütün xəyanətlərini boynuna götürməmiş bayıra buraxmayacağam. – Sən bilirsən ki, bir kərə gözümü əysəm qaraməlikli və şeşgilanlılar sənin tükünü didərlər?1 – Eybi yoxdur, sən xəyanətlərini iqrar et, ondan sonra qaraməlikli və şeşgilanlılara gözünü əy ki, mənim tükümü didsinlər. – Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz? – Təbriz xalqının barəsində Məmmədəli şah dövründən başlamış indiyə kimi nə qədər şeytanlıq və casusluq etmisənsə, hamısını burada söyləməlisən. – Çox eyib olsun ki, mənim 7 illik silah yoldaşım heç utanmadan mənə şeytan və casus adı verir. Bu mənim zəhmətlərimin mükafatıdırmı? – İndi mən Təbriz yoxsullarının, Təbriz işçilərinin bir nümayəndəsi kimi səni mühakimə edirəm. Bunu deyərək səslədim: – Məhkəmə içəri buyursun! - dedikdə Pərviz, Quluzadə, Şəfi, Həsənağa içəri girdi, hər birisi öz yerini tutdu. Mən sözə başlayaraq: – Rzabala Hacı Hüseynquluoğlu şeşgilanlı, 45 yaşında, tacir, ailəli, casusluqda nüüttəhim edilir, – dedim. Rzabala yerindən qalxdı: – Mən bu cürə oyunları sevmərəm. Sizi bir məhkəmə kimi də tanımıram! Hərgah məni mühakimə etmək lazımdırsa, məmləkətdə hökumət də var, məhkəmə də, – Rzabala bu sözü deyərək qapıya tərəf getdikdə Tütünçüoğlu onaçılanı çəkib onu oturmağa məcbur etdi. Rzabala oturdu, artıq o qorxur və titrəyirdi. – Bu, nə hökumət və nə də şəriət məhkəməsi deyildir. Bu inqila» məhkəməsidirl Hərgah sən hökumət əleyhinə olsaydın, inqilab məhkəməsi səni müdafiə edə bilərdi. İndi isə söz sənindir, Məmmədəli şahın vəliəhd olduğu zamandan bəri olan əks-inqilabi fəaliyyətin barəsində danış! Lakin əyri işlərin haqqında doğru danış! – Çox qəribə adamlarsınız ha, mən bilmədiyim işin haqqında nə danışım? Bu sözdən sonra mən əlimi atıb iş qovluğundan bir kağız çıxarıb oxudum: «Ruhumuzun qidası olan əlahəzrət Məmmədəli Mirzəyə! Əlahəzrətin əmrinə görə mən demokrat firqəsinə yazılmışam. Demokratların son günlərindəki fəaliyyəti xalq arasında Müzəffərəddin şah həzrətlərinə teleqram vurmaq və əncümən təşkilinə icazə istəmək üçün təbliğat aparmaqdan ibarətdir. Hələlik işin qabağına düşən Mir Haşımdır. Xalqı ingilis konsulxanasına girməyə və Samsam xan məscidində bəstə oturmağa təşviq edirlər. Əncümən qurulmasına ziddiyyət göstərən Mirzə Kərim ağa İmameümə və Mirzə Həsən ağa müctəhidlərin Təbrizdən qovulması üçün təbliğat aparılır. Əlavə əmrinizə müntəzirəm. Rzabala Şeşgilani 1 mahi-şəban, 1324. – Sən bu kağızı Məmmədəli Mirzəyə yazmısanmı? – Bunu siz haradan əldə etmisiniz? – Sənin yazı mizinin üstündən. – Bəli, mən yazmışam! – Təbriz xalqı Mirzə Həsən ağa və Mirzə Kərim ağanı Təbrizdən qovduqdan sonra sən Qızılca meydana Mirzə Kərim ağanın görüşünə nə üçün getmişdin? – Onun şəhərdəki taxıllarını almaq üçün. – Mənə bunu isbat edə bilərsənmi? – Bəli, edə bilərəm! – Bəs Mirzə Kərim ağanın sənə yazdığı bu məktub nədir? – Hansı məktub? – Budur, qulaq ver, oxuyum. eCənab sərkar Rzabalal Siz əldə etdiyiniz bütün məlumatı və bizə göndərmək istədiyiniz məktubları Hacı Seyid Məmməd Yezdiyə və Hacı Mirzə Əsədulla müctəhidə təslim edə bilərsiniz. Onlar da dövlətin davamı və islamın əzəməti yolunda çalışanlardır. İmamcümə Kərim 15 mahi-şəban». – İndi mənə de görüm, yuxarıda adları çəkilən müctəhidlər əksinqilabçılardı, ya yox? – Bəli, əks-ınqılabçılardı. – Sənin bunlarla əlaqən var idimi? – Bəli, var idi. – İndi de görüm, ramazan ayında birinci kərə cErmənistanə yaxınlığında Səfi bazarçasının başında, Hacı Məmməd Hüseyn xan Sərtibin evində əncümən təşkil olunduğu zaman, sən hamıdan qabaq millətə və məşrutəyə xəyanət etməmək üçün tacirlər və əyanlarla bərabər Qurana and içmişdinmi? – Bəli, and içmişdim. – Bəs nə üçün andını sındırdın? – Mən Qurana and içəndən bəri heç bir xəyanət etməmişəm. – Bunu doğrumu deyirsən? – Məsləkim haqqı! – Doğru demədin. Məmmədəli şahdan aldığın xüsusi məktublara görə 1325-ci il məhərrəm ayının birində Təbrizdə iğtişaş qaldırmaq üçün sinəzən dəstəsi küçələri gəzdiyi vaxt əncümən üzvü Hacı Mirzə Həsən Milanini güllə ilə vurduran kim idi? – Xəbərim yoxdur! – Hərgah xəbərin yoxdursa, Məmmədəli şaha bu barədə yazdığın məktub nə üçündür? cQibləgahal Zəlil və həqir bəndələriniz əmrinizə itaət edir. Üzvlərdən Hacı Mirzə Həsən Milani vuruldu. Rza. 2 məhərrəm 1325? Rzabala başını aşağı salıb danışmırdı. Mən yenə də ona sual verdim: – Əks-inqilab təşkilatı olan cİslamiyyəə ilə də əlaqən var idimi? – Bəli, var idi. Rzabalaya bir çox vəsiqələr nişan verdikdən sonra artıq inkar və imtinanın faydasız olduğunu yəqin etdi və özünün bütün varlığı ilə əks-inqilabçı olduğunu boynuna aldı. O, Rəhim xan və onun oğlu Böyük xan Eynüddövlə, Nizamülmülk və Fərmanfərma ilə əlaqə saxladığını və Səttar xan qərargahından onlara məlumat göndərdiyini boynuna aldı. Artıq o, inqilab məhkəməsinin mərhəmətinə sığınmağa və tövbə etməyə, əfvini diləməyə başladı. Mən ona bir daha sual verdim: – Sən demokratların siyahısını sərdar Rəşidə vermisənmi? – Xeyr, hələ verməmişəm! ” Vermək istəyirdinmi? – Bəli, verəcəkdim! “ Səninlə bərabər bu işdə kimlərin iştirakı olmuşdur? ” Məgər Təbrizdə əks-inqilabçı azdır?I – Mən səndən demokratları, daha açığı bizimlə bərabər işləyən- ləri soruşuram. – Corabçı Məşədi Müqim və Ağa Qulam Şəbüstəri idi, bu iki nəfər ciddi iştirak edibdir. Başqalarından xəbərim yoxdur. – İndi ki, hər bir şeyi boynuna götürdün, bir məsələni də açıq deməlisən: 9-cu illərin əvvəlində mücahidlərin ərzaq məsələsi sənə tapşırıldığı zaman nə qədər oğurluq etmişsən?1 ” Mən bir şahı da oğurluq etməmişəm, halal kəsb etmişəm, puldur, qazanmışam, o zaman xalq pul qazanmırdımı? – Sən o vəzifəni öz öhdənə götürdüyün zaman pul qazanmaq məqsədi ilə yox, inqilabı müdafiə etmək üçün söz vermişdin, çünki O Zaman çox çətin zaman idi, vəzifələr yoldaşların arasında bölünürdü. ” 25 min tümən qazanmışam, hərgah bunu günah hesab edirsinizsə, hər zaman qaytara bilərəm. – Bura qədər kifayətdir, daha məsələ tamamilə aydındır, – dedim və yoldaşlara müraciətlə soruşdum: – Rzabalanın haqqında kim danışmaq istəyir?1 Tütünçüoğlu söz alıb danışdı: – Biz bir çox düşmənlərlə üz-üzə durub döyüşmüşük, hazırda onların bir çoxları ilə də barışmışıq, çünki onların bir qismi şüursuz olaraq bizə düşmən olmuşdu, lakin biz heç vaxt ehtiyatımızı və silahımızı əldən buraxmırdıq. Biz neçə illik mübarizəmizdə yüzlərlə şüursuz düşmənlərlə də üz-üzə gəldik, onlar bizi, biz də onları vurduq. Onlar həqiqətin hansı tərəfdə olduğunu bilmədikləri üçün inqilabın əleyhinə çıxırdılar. Lakin bizi içərimizdən çürüdənlərlə mübarizə apara bilmirdik, çünki onları ifşa etməyə vaxtımız yox idi, onların düşmənə verdikləri məlumatın nəticəsində yüzlərlə yoldaşımız qurban verildi. Rzabala və müqimlərin casusluqları nəticəsində yüzlərlə yoldaşımızı aparıb Dəvəçi əks-inqilabçılarının evlərində qoyun kimi kəsdilər. Bizim cərgəmizdə demokrat maskası ilə çalışanlar, şüursuz düşmənlər deyildi, onlar şüurlu və əks-inqilabın səmimi oğlanları idi, buna görə də biz onlarla barışmamalı və onları ölüm cəzası ilə cəzalandırmalıyıq. Məhkəmədə iştirak edənlərin hamısı bir səslə Rzabalaya ölüm cəzası tələb etdilər. Rzabala məsələni ciddi gördükdən sonra, indiyə qədər həyatından artıq sevdiyi sərvətini köməyə çağırdı və onları bir-bir bizə təqdim etməyə başladı: – Yüz min tümən nəqd pulum vardır. Şəhərin beş yerində mülküm vardır. İki yüz batman torpağım, beş bağım, bir dəyirmanım, yüz əlli min tümən təməssük alacağım vardır. Bunların hamısını inqila» yolunda hədiyyə edirəm, mənim günahımdan keçin, anlamamışam, bir qələtdir eləmişəm, mənə rəhminiz gəlsin. Sizi and verirəm məşrutəyə və Səttar xana, məni öldürməyin! O, titrəyə-titrəyə məndən cavab gözləyirdi, mən bir kərə: – Məhkəmənin qərarı ölüm cəzasıdır! – deyib ayağa qalxıb getmək istədiyim zaman o, huşsuz yıxılmışdı. * * * Sərdar Rəşidin iç üzü Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı. Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub: – Mənim ruhum, - dedi, – sən mənim bu gecəmi də xoş keçir. Səni çox gec çağırdım, yatdığını və məni öz hüzurunun nəşələrindən məhrum etdiyini zənn edirdim. Mahru ömründə birinci kərə olaraq bir kişinin ruhunu oxşaya biləcək və eşqin odlarını alovlandıracaq cümlələrlə danışmağa başladı: – Mən bir kərə də olsa sənin iradən xaricində hərəkət etmişəmmi? – dedikdə sərdar Rəşid: – Bu gün nə qədər ağıllı bir qız oldun! Əcəba, sən mənim iradəmə hörmət bəsləyəcək və məni öz həyatımdan məmnun etməyə çalışacaqsanmı? – Hazırkı çərçivədən kənara çıxmamaq şərti ilə sənin bütün iradələrinə hörmət bəsləməyə hazıram. Məhəbbətimiz bir bacı-qardaş məhəbbətini təmsil etməlidir. Bu məhəbbət məndən hər nəyi tələb edirsə ifa etməyə söz verirəm. – Biz ki, bacı-qardaş deyilik. – Hərgah sən məni öz bacın deyə hər bir kəsə söyləməsəydin, o zaman mən səninlə bir qadın kimi danışardım, ya səni rədd edərək bu evdən gedərdim, yainki sənin tələblərinə təslim olub burada yaşardım. İndi isə gecdir. Bütün Təbriz xalqı, hətta ruslar, ermənilər də bilir ki, mən sənin bacınaml Əcəba, xalq sənin mənimlə bir ər kimi yaşadığını bilərsə, onda sənin vəziyyətin nə kimi bir şəkil alar?1 O zaman sənin düşmənlərin üstünə ayaq almazmı? – Sən nə qədər ağıllı qızsan! Bütün dediklərin bir həqiqətdir, lakin hər kəsdə olduğu kimi mənim də eşqim, mənim də sənə olan məhəbbətim həqiqətlərlə hesablaşmır. Mahru, götür o konyakı, mənim piyaləmi doldur, gətir onu sənin əlindən alıb içim, heç olmasa bir kərə mənim sevgimə cavab ver! – Piyaləni dolduracağam, lakin bizim əlaqəmiz bu çərçivədən kənara çıxa bilməyəcəkdir. Mahru bunu deyərək sərdar Rəşidin piyaləsini doldurdu, özü də onun gözünün qabağında oturdu. Sərdar Rəşid ancaq Mahrunun əlindən konyak piyaləsini alıb içir və Mahrunun alnından öpməklə kifayətlənirdi. Sərdar Rəşid bir az sərxoş olduqdan sonra Mahru sual verdi: – Mənim dediklərimə əməl etdinmi? – Hansı dediklərinə? – Ninaya göndərdiyim sifarişlərimə. – Sən özün bir yaxşı düşün! Əbülhəsənbəy sağ olduğu zaman Ninaya başqa birisinə ərə getmək təklifini etmək mümkündürmü? Sən özün Ninanın nə qədər ona bağlı olduğunu bilmirsənmi? – Sən hərgah bu evdən çıxıb başqa bir adama ərə getmək istəyirsənsə, o zaman iki şeydən birisini etməlisən. Ya İraidanın yerini öyrənməlisən, yainki Ninanı bu evə gətirməlisən. Mənim sevgi məsələm bu üç adamın şəxsində həll olunmalıdır. – Sözüm yoxdur, iki əvvəlincilərin barəsində çalışaram. – Üçüncüsünün barəsində də düşünsəydin daha yaxşı olardı. Mahru, sən gəl bu evdən getmə! Mən qorxuram ki, mənim səadətim səninlə də bu evdən getsin. Əsəd kimdir ki, sən məni ona satırsan? Mən bir ölkənin hökmranıyam. O kimdir? – Sən mənim bugünkü əlaqəmdən razı olsan və mənə başqa tələblər verməsən, mən də sənə söz verirəm ki, bu evdən çıxıb başqasına ərə getməyim. Buna razısanmı? – Razıyam, sən mənim ömrüm olduqca gözümün qarşısında otur. Mən dünyanın səadətini sənin çöhrəndə, işıqlı günləri isə sənin qara gözlərinin bəbəyində görürəm. Sənin doldurub mənə verdiyin piyalələrin nəşəsi İranın padşahına da mümkün deyil. Razıyam, Mahru, mənə söz ver ki, sən Əsədə getməyəcəksən. Sərdar Rəşid sərxoş olmuşdu. Şam süfrəsinə oturdular. Mahru onu bir daha içirdi, gəlib onu yatırtmaq üçün öz otağına apardılar. Mahru isə onun yazı stolunun başında oturub onun bloknotundakı qeydləri oxumağa başladı. Şahzadə Əbülfət Mirzəyə!/ Cənab şahzadə, təklifiniz müqəddəs bir təklifdir. Lakin onun ikinci hissəsi ilə razılaşa bilmirəmə. Sərdar Rəşid bloknotun başqa bir səhifəsində çar konsulu Belyayevə yazırdı: 4Cənab general! Yaxın günlərdə Təbrizdə olan gizli inqilab komitəsi üzvləri və Təbrizdəki demokratların siyahısını sizə təqdim edə biləcəyəm. Demokrat firqəsi üzvlərindən şeşgilanlı Rzabala bizimlə təşrikməsai etməyə söz vermişdir, məzkur bir neçə günlüyə Kavkan şəhərinə gedibdir, inşallah qayıdan kimi tapşırdığımız vəzifəni yerinə yetirəcəkdirə. Bir məktub də sədr-əzəmə yazılmışdı: €Cənab müstətab, həzrət əşrəf sədr-əzəmin hüzuruna. Şəxsi məktubunuzu oxudum, Rusiya general-konsulunun təzə təşəbbüsləri bəndələri də rəncidəxatir etmişdir. Konsul bir çox hadisələrdə İranın müstəqil bir hökumət olması məsələsi ilə heç də hesablaşmır. Konsul yenə də Azərbaycanın maliyyə işlərinə müdaxilə edir və İran hökumətinə vergi vermək istəməyənləri öz himayəsinə alırə. Sərdar Rəşid bu qeydlərdən sonra çar konsuluna göndərmək üçün belə bir məktub da yazmışdı: «Cənab general! Hər halda bəndənin vəzifəsi və təklifi müəyyən edilməlidir. Bu gün sədr-əzəmdən töhmət məktubu almışam. Sədr-əzəm çar general-konsulxanasından maliyyə işlərinə qarışmamasını tələb etməklə İrana maliyyət verməyənlərin rus himayəsinə girməsinə etiraz etməyimi tapşırmışdır. Bəndə heç bir vaxt Tehran hökumətinin tələblərinə əməl edə bilməyəcəyəm. Cənab general bu barədə mənə kömək etməlidim. Bloknotdan götürülən qeydləri nəzərə alarkən, sərdar Rəşidin bir neçə cəbhədə işlədiyi məlum olurdu. Mahru bütün qeydlərin surətini çıxardıqdan sonra onun qutularının açıq olmasından istifadə edib, bir çox vəsiqələrin üzünü, uzun olanların isə qısa məzmununu yazıb götürdü, sonra bütün vəsiqələri olduğu kimi öz yerində qoyub, gecə saat 3-də öz yataq otağına çəkildi. kok Sərdar Rəşidin evindən əlimizə düşən vəsiqələr onun Azərbaycanın gələcəyi üçün çox qorxulu rol oynadığını göstərirdi. Bu rol Hacı Səməd xanın oynadığı rollara bənzəməzdi, çünki Hacı Səməd xan ancaq özünü bir ingilis və çar nümayəndəsi kimi aparır və bu iki hökumətin mənafeyini müdafiə edirdi. Lakin sərdar Rəşidin bir əli ruslarda və ingilislərdə, bir əli də osmanlı və alman dövlətlərində idi. O, xüsusi olaraq hər etimala qarşı özünü müdafiə etməyi düşünür və yuxarıda adı çəkilən dövlətləri özündən incitməməyə çalışırdı. Demokrat firqəsinin diqqət-nəzərini ancaq alman və osmanlı məsələləri cəlb edirdi, çünki alman və osmanlılar Azərbaycana bir dava edən dövlət kimi deyil, bir macəraçı kimi gəlirdilər. Buna görə də demokrat firqəsi silahını alman-osmanlı macəraçılarına və onların mənafeyini müdafiə edən sərdar Rəşidə qarşı çevirmişdi. Firqə bu münasibətlə Təbriz xalqına belə bir muraciətnamə buraxmışdı: «Qəhrəman təbrizlilər! Bir neçə əsrdən bəri yazılan tarix səhifələri sizin qəhrəmanlıq dastanlarınız ilə doludur. Siz ərəb və yunan istilasına qarşı fədakarlıqdan geri durmadıniz, ərəbləri Həmədan, Nəhavənd və Araz çayı kənarında döydünüz. Boynunuzu əsirlik zəncirinə verməmək üçün osmanlı istilaçıları ilə bir əsr tamam müharibə etdiniz və hədsiz qurbanlar verdiniz. Siz zalım Məmmədəli şah ordusunu Təbriz altından qovan təbrizlilərsinizl Siz istiqlaliyyət və azadlıq uğrunda aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsinizl Bu gün yenə də tarixi imtahan vermək günüdür. Sizin öhdənizə mühüm vəzifələr düşür. Azərbaycanın siyasi həyatında çox qorxulu bir səhifə açılmaqdadır. Azərbaycanın sabiq valisi Azərbaycanın minlərcə namuslu oğullarını məhv etdi, bütün ölkəni qarət edib Marağaya göndərəndən sonra özü də Azərbaycanı tərk etdi. Onun yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini sərdar Rəşid təyin olundu. Qeyrətli, qəhrəman təbrizlilər! Siz sərdar Rəşidi Ərdəbildə hakim olduğu zamandan bəri tanıyırsınız. O bu gün Təbrizdə daha böyük bir xəyanətə əl vurmaqdadır. O, yalnız çar və ingilis mənafeyinə deyil, alman və osmanlı mənafeyinə də xidmət edir. Sərdar Rəşid Təbriz xalqının boynuna salmaq üçün təzə bir zəncir hazırlayır. cİttehadi-islamə şüarları altında çalışan osmanlı paşaları Təbrizi qarət etmək üçün hazırlanırlar. Onların «qardaşlıq köməyinə gəlirik? deməklərinə inanmayın! Onlar yaxın keçmişdə bir neçə kərə Təbrizi qətl-qarət etmişlər. Onlar heç bir vaxt bizə istiqlaliyyət verə bilməzlər. Sərdar Rəşidin ətrafına toplanan köhnə ve təzə mürtəcelərin verdiyi vədlərə inanmayın! Tehran vəzirlərindər də nicat gözləməyin, çünki onların hər birisi bir müstəmləkəçinin qucağındadırl Məmmədəli şah, Eynüddövlə və Rəhim xanlara qarşı göstərdiyiniz qəhrəmanlığı sərdar Rəşidə qarşı olan mübarizədə də göstərin! Üç-dörd tərəfə işləyən bu xainin mübarizəsinə hazırlaşın! İnqilab komitəsi». İnqilab komitəsinin intibahnaməsini Təbriz divarlarında görən alman-osmanlı əks-kəşfiyyatı da təbrizlilərə müraciət edirdi. Onlar da xalqı «İttihadi-islampa dəvətedici intibahnamələr buraxırdılar. Lakin kütlə onların intibahnamələrinə heç də əhəmiyyət vermirdi. Son günlər intibahnamə buraxmaq bir adət dərəcəsinə gəlmişdi, hətta tək-tək adamlar da sərdar Rəşidə hücumnamələr yazıb divarlara yapışdırırdılar. O zaman: Əlində bayda, Həsən, Həsən, Həsən xan, Səndən nə fayda, Həsən, Həsən, Həsən xanə — deyə Müzəffərəddin Mirzəyə intibahnamə yazan təbrizlilər bu gün də sərdar Rəşidin keçmişdə dəllək şagirdi olduğunu xalqa xatırladaraq, aşağıdakı nəğmələri yazmışdılar: Ustacan, təlaş mikunəm, Xeyli xob təraş mikunəm. Təlaş in beççə yad gün, Məaş məra ziyad gün. Beççəş nəcib xoş giləm, Ustacan, tu şad gün diləm Təlaş in beççə yad gün Məaş məra ziyad gün. Məmləkət əz mərd xali şüd, Beççə dəllək həm vali şüd. Şəb-ruz təlş xahəd şüd, Sətr ma təraş xahəd şüd Mən ki, əhli-karəm, ustacan, Rahət nədarəm, ustacan, Əz tu şükuh darəm, ustacanl. Sərdar Rəşid Təbrizdə öz hökumətini möhkəmlətmək üçün heç bir vasitə tapa bilmirdi. Çar konsulu da onu müdafiə etməyi bacarmırdı, çünki çar nüfuzunun ən sönük bir vaxtı idi. Özünü Mərkəzi İran hökumətinin nümayəndəsi hesab edən sərdar Rəşid onun nüfuzu sayəsində də mövqeyini möhkəm etməkdə aciz idi, çünki İran hökumətinin nüfuzu çoxdan bəri Azərbaycandan silinmişdi. Sərdar Rəşid başını itirmişdi, o artıq hökumət dairəsinə gedə bilmirdi, küçə uşaqları onun başını görən kimi: cüUstacan, təlaş mikunəm, Xeyli xob təraş mikunəmə - deyə bir səslə oxuyurdular. Divara yapışdırılan vərəqələri konsula da tərcümə etmişdilər. Buna görə də sərdar Rəşid xəstələnmişdi, nə hökumət dairəsinə, nə də konsulxanaya gedə bilmirdi. Tam bu günlərdə Təbrizin siyasi vəziyyəti bir daha dəyişməyə başladı. Hacı Mirzağa Büllurinin və Hüseyn Fişəngçinin osmanlılarla bərabər təşkil etdikləri dəstənin Savucbulağı işğal etmək xəbərləri Təbrizə yayıldı. Sərdar Rəşidin nüfuzdan düşməsi və osmanlıların Təbrizə yaxınlaşması xəbəri Təbrizə yayılan kimi çar konsulunun fikri dəyişdi, o bir daha Hacı Səməd xanı Təbrizə gətirmək qərarına gəldi, çünki o, Hacı Səməd xanın Azərbaycan xanlarını təşkil edə bilməsi və osmanlılara qarşı müəyyən bir qüvvə çıxara biləcəyini anlayırdı. Bu gün Nina konsulxanadan gələn kimi məni öz otağına çağırdı və Qafqaz canişinindən konsulxanaya gələn gizli teleqramın surətini göstərdi. I Ustacan, mən təlaş edirəm ki, başları yaxşı qırxım. Sən də bu uşağı xatırlayaraq muzdunu artır. Mən bir gözəl və nəcib uşağam, ustacan, qəlbimi şad elə. Məmləkətdə daha başqa adam yox idi ki, dəllək şagirdini gətirib vali təyin etdilər" Gecə-gündüz təlaş edib bizim başımızı qırxacaqdır. Ustacan, mən iş adamıyam. dincəlmədən çalışıram. Buna görə də səndən şikayətim var. Qafqaz canişini Hacı Səməd xanın Tiflis şəhərindən Təbrizə yola düşməsi və Təbrizdə olan qüvvə ilə Savucbulaq tərəflərində yerləşən osmanlılara qarşı hücum etmək üçün göndərildiyi xəbərini verirdi. Çar hökuməti osmanlıların Azərbaycan hüdudlarından zühur etməsini bəhanə edərək, yenə də Səməd xanı Azərbaycan əyalətinin başında qoymaq istəyirdi, çünki sərdar Rəşidin heç bir nüfuzu qalmamışdı. Hacı Səməd xan Təbrizdən Tiflisə yola düşdüyü zaman belə özünün Qafqaz canişininə şikayətə getdiyini, öz barəsində haqsızlıq göstərildiyini qeyd etmişdi. Bu dəfə onun Təbrizə qayıtması, rusların sərdar Rəşiddən ümidlərini kəsmələri kimi məna edilməli idi. Heç şübhə yoxdur ki, Səməd xan osmanlılarla aparacağı mübarizədə qalib gələcəyi zaman həmişəlik Azərbaycanda qala biləcək və sərdar Rəşidi Azərbaycan mühitindən silib atmağı bacaracaqdı. Sərdar Rəşidin bu məsələdən xəbəri yox idi. O, çar generalkonsuluna xidmət göstərmək üçün hər gün bir sıra günahsızın siyahısını konsulxanaya verirdi. İnqilab komitəsi çar hökumətinin təzə təşəbbüslərini Təbriz əhalisinə bildirmək və sərdar Rəşidin ruhunu düşürmək məqsədi ilə şəhərə daha qısa bir intibahnamə buraxmışdı. İntibahnamədə çar hökumətinin sərdar Rəşiddən naümid olduğu, sərdar Rəşidin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi, Rusiyanın Hacı Səməd xanı yenidən Təbrizə gətirdiyi qeyd olunmaqla bərabər, Hacı Mirzağa Büllurinin komandası altında gələn dəstənin nədən və kimlərdən ibarət olduğu kütlələrə bildirilmişdi. Bu intibahnamə çıxdıqdan sonra Tütünçüoğlu məni Məşədi Kazım ağanın hücrəsində tapıb Mahrunun məni evdə gözlədiyini xəbər verdi. Mən tələsik faytona minib evə gəldim. Mahru ilə görüşdüm. O mənə dörd parçadan ibarət yazılı kağız verdi. Birinci məktub Tehranda daxiliyyə nazirinə yazılmış bir teleqram idi. €Həzrət əşrəf! Təbriz divarlarına yapışdırılan şəbnamələrdə Rusiya dövləti-bəhiyyəsinin Hacı Səməd xan Şücaüddövləni Təbrizə gətirməyi xəbər verilir. Bu barədə Rusiya dövləti-bəhiyyəsinin Təbriz konsulu əyalət hökumətinə heç bir məlumat verməmişdir. Hər halda həzrət əşrəf Hacı Səməd xanın Təbrizə gəlməsi münasibəti ilə əyalət hökumətinin təklifini müəyyən etməlidirə. Sərdar Rəşid Tehrandan yardım gözləməyə başlamışdı. Lakin Azərbaycan məsələsinin Tehranda yox, Petroqradda həll olunduğunu bilmirdi. Hər halda sərdar Rəşid özünün Tehran kabinəsi tərəfindən müdafiə olunacağını bilirdi, çünki Tehran öz siyasəti üçün sərdar Rəşidi Hacı Səməd xandan daha əlverişli sayırdı. Mahru gətirən ikinci məktub Təbrizdəki çar general-konsuluna yazılmışdı: €Cənab general! Bu gün Təbriz divarlarına yapışdırılan intibahnamələrin birisində bizim üçün gözlənilməyən bir məlumata təsadüf etdik. Hacı Səməd xan Şücaüddövlənin təzədən Təbrizə gətirilməsi imperator hökumətinin himayəsində Azərbaycan əyalətinin idarəsini öhdəsinə götürən mənim kimi dostların nüfuzunu qırmaq və onu mənəviyyatca öldürmək deməkdir. Hər halda bu barədə cənab generalın fikrini bilmək istərdimə?. Mahrunun gətirdiyi məktubların üçüncüsü çar general-konsulundan sərdar Rəşidin məktubuna verilən cavabdan ibarət idi. «Cənab vali! Əvvəlcə həzrət əşrəfə bunu xatırlatmalıyam ki, Təbriz divarlarına yapışdırılan hədsiz-hesabsız intibahnamələr haqqında tədbir görməmişsiniz. Bu cür intibahnamələr yalnız həzrət əşrəfin deyil, eyni zamanda imperator hökumətinin əhali arasındakı nüfuzunun düşməsinə də səbəb olur. İranın daxili işlərinə müdaxilə etmək kimi təbir edilməsəydi, biz bu uyğunsuzluqların qarşısını öz gücümüzlə ala bilərdik. Bizim daxili işə müdaxilə etməyimiz sizin də xalq arasındakı nüfuzunuzu laxlada bilərdi. Biz çox ümid edirik ki, vali cənabları imperator hökumətinə qarşı təbliğat şəklini alan bu hərc-mərcliyi təsviyə etməklə imperator hökumətinə olan dostluğunu işdə göstərəcəkdir. Həzrət əşrəfə bunu da xatırlatmaq lazımdır ki, onun Təbrizdə imperator hökuməti əleyhinə başlanan təbliğata soyuqqanlı tamaşaçı kimi baxması özünün istinad etdiyi çar hökuməti dostluğunu da təhlükə altında qoya bilər. Təbrizdəki hərc-mərcliyə qeydsiz baxmaq nəticəsində həzrət əşrəf öz mövqeyini də itirə bilər. Şücaüddövlənin Təbrizə gətirilməsinə gəldikdə bu ancaq Rusiyanın Azərbaycanda hərəkət edən qoşun dəstələri ərkani-hərbinə aid olan bir məsələdir, bu məsələnin əyalət məsələləri ilə qətiyyən əlaqəsi olmadığından bunu həzrət əşrəfə bildirməyi lazım görmədik. Onun gəlməsi əsgəri məsələlərlə əlaqədardır. O, İrana bir çar zabiti kimi gəlib, ancaq qoşuna komanda edəcəkdir, Həzrət əşrəfə məlumdur ki, Türkmənçay müahidəsinə görə çar hökuməti İranın tamamiyyəti mülkiyyəsini mühafizə etməlidir. İrana başqa bir hökumət hücum etdiyi zaman Rusiya onun istiqlaliyyətini mühafizə etməlidir. Hazırda osmanlılar Savucbulağı almaqla İran torpağına hücum edir və onun istiqlaliyyətini pozur. Rusiya hökuməti öz əhdnaməsinə sadiq qaldığı üçün İranı osmanlılara qarşı müdafiə edir. Hacı Səməd xan Təbrizə gələr-gəlməz cəbhəyə göndəriləcəkdir. O, Miyandab tərəflərində ordu təşkil edəcək və osmanlı hücumlarını qaytaracaqdır. Həzrət əşrəf müstəqil bir surətdə öz hökumətini idarə edəcəkdir, biz bu barədə ona təminət veririkə. Dördüncü daha maraqlı məktub idi. Bu məktub bir İran valisinin simasını layiqincə aydın edirdi. Bu məktub Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçiyə yazılmışdı. Lakin o, çar konsulunun tövsiyəsi ilə yazılmış bir məktuba bənzəyirdi. «Cənab Hacil Xudavəndi-aləm cənab alilərin vasitəsilə beyrəqiislamı ucaltmağa başlamışdır, xüsusən həmsayəmiz olan osmanlı hökumətinin dindaşlıq vəzifəsini nəzərdə tutub islamın küffar əlindən qurtarmasına kömək eləməsi, dini-mübini-islamın möhkəm olması üçün böyük bir isbatdır. Bu bəndələr də «nəsr minallahün və fəthün qəribə ayei-mübarəkəsini dillərində əzbər edib özünün leşkəri-islama olan sədaqətini izhar edir və öz öhdəsinə düşən vəzifəsini layiqilə ifa etmək üçün söz verir. Cənab alilər də öz növbəsində bəndələrin təklifini müəyyən buyurmalıdırlar. Təbrizin nə vəziyyətdə olduğunu «ana» aliləri bilməmiş deyil. Buna görə də nə qədər qoşun üçün mənzil və yemək hazırlamaq lazım olduğunu vaxtikən bəndələrə məlum buyurasınız. Bəlkə, islamın köməyinə gələn qardaşlarımız üçün libas və başqa şeylər də lazım olacaqdır. Ona görə də təşrif gətirən əziz qonaqların miqdarını məlum buyurmalısınız. Bəndələrin tərəfindən sərkər Kəblə Hüseyn ağanın əhvalını soruşarsınız və səmimi salamını yetirərsiniz. Sizin müxlisiniz sərdar Rəşidə. Sərdar Rəşid Hacı Mirzağa Bülluriyə yazdığı məktubunda iki nöqtəni hədəfə almışdı. Onun birinci hədəfi Təbriz üzərinə gələn qüvvəni özündən razı salmaq, ikincisi də onların miqdarını öyrənib çar konsuluna xəbər verməkdən ibarət idi. Bu xəbərlər bizim üçün ən lazımlı xəbərlər idi. Buna görə də Mahrunun əlini sıxıb: – Mən sizə yalnız öz tərəfimdən yox, bütün yoldaşlarımızın tərəfindən təşəkkür edirəm, – dedim. * * * Axşam çağı idi. Hava olduqca soyuq idi, oktyabrın ikinci yarısında indiyə qədər görünməyən soyuqlar keçirdi, mən yenicə evə gəlib sobanın qarşısında oturmuşdum. Məcidin dərslərini gözdən keçirir və ona bəzi suallar verirdim. Həsənağa tələsik içəri girərək məni görmədən Ninaya muraciətlə: – Nina bacı, dadaşım evdədirmi? – dedikdə Ninadan əvvəl mən cavab verdim: – Evdəyəm! Gəl görüm nə xəbər vardır? – Bu saatda konsulxana qapısından keçirdim, Hacı Səməd xan yanında olan iki nəfər çar zabiti ilə bərabər gəlib konsulxanaya düşdü. – Otur, – dedim, – otur, bir az qızış. Ondan sonra da düz-doğru sərdar Rəşidin qapısının ətrafına gedib oradan mənim üçün xəbər gətir. Orada bu hadisə münasibəti ilə nə kimi təzəliklər olduğunu lazımınca öyrən! Həsənağa təzəcə durub getmişdi ki, mən Tütünçüoğlunu gözləyirdim. Onu Savucbulağa göndərəcəkdik, buna görə də dalınca adam göndərdim, lakin çox yubanmışdı. O, gecə saat birdə gəldi və şəhərdə böyük bir həyəcan olduğunu xəbər verdi. – Demək olar ki, Səməd xanın gəlməsi münasibətilə şəhər böyük həyəcan içərisindədir. Hacı Səməd xanın düşmənləri öz ailələri ilə bərabər Təbrizdən qaçır. Səməd xan gedəndən sonra həbsxanadan azad olanlar və qaçqınlıqdan gələnlər tamamilə şəhərdən çıxıb gedirlər. Hacı Səməd xanın adamları yenə də küçələrdə və konsulxana ətrafında görünməkdədirlər. Bir çox qapılarda yenə də çarın himayə bayrağı asılmışdır. Şəhər başlı-başınadır. Sərdar Rəşidin polis nəfərlərindən və alanlardan bir nəfər də olsa bayırda yoxdur. Buna görə də ayıq olmaq lazımdır. Uşaqların bir neçəsinə xəbər vermişəm, bu bir neçə gün onlar o tərəflərdə dolanıb özlərini mühafizə etməlidirlər. – Çox sağ ol! – dedim. – Ancaq sənə başqa vəzifə tapşırmaq istəyirik. Yoldaşlar, sizin Savucbulağa gedib oradan vəziyyəti gündən-günə bizə xəbər verməyinizi məsləhət görüblər. Özünlə bərabər səkkiz nəfər də aparmalısan. Hərgünkü xəbərləri öz adamlarımız vasitəsilə göndərməlisən. Sənin oradakı mühüm vəzifələrindən birisi də, oradakı mücahidləri təşkil etməkdən ibarət olacaqdır. Sən onları qandırmalı və inandırmalısan ki, Təbriz inqilabçıları bu hərəkətdə iştirak etmir. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçinin bu hərəkəti özbaşınalıqdır. O bu barədə bizim razılığımızı almamışdır. Sən İstanbuldan gələn mücahidlərə anlatmalısan ki, bu hərəkət İran xalqının zərərinədir, bu hərəkəti osmanlı-alman hökumətləri rusların əleyhinə düzəltmişlər. Bunun heç bir müvəffəqiyyəti ola bilməyəcəkdir. Nəticədə yenə də İran yoxsulları bədbəxt olacaq, yenə də zərəri Təbriz çəkəcikdir. Sən mücahidlərə deyərsən ki, bu gələn yığıntı dəstələrin Təbriz xalqını talan etmək ehtimalı da vardır. Ona görə də biz Təbrizdəki yoldaşları hər ehtimala qarşı silahlandırmışıq. Hərgah onlar bizim düzəltdiyimiz şəxsi müdafiə dəstəsi ilə razılaşırsa, onların siyahısını düzəldərsən, onların hər birisinə on tümən də pul verərsən... Tapşırıqlar bitdi, Məşədi Kazım ağa lazım olan paraları gətirib Tütünçüoğluna təhvil verdi. Kiçik rus naqanları və əl bombaları ilə silahlanmış doqquz nəfər səhər saat altıda Təbrizdə hərəkət edəcək idi. Gecə saat ikiyə işləyəndə Həsənağa gəldi və sərdar Rəşid haqqında məlumat verərək sərdar Rəşidin özünün hamıdan əvvəl Təbrizdən çıxdığını Baba bağına və yainki Nemətabada köçüb getdiyini, yanınca nökərləri və sair xidmətçilərindən çox az adam apardığını söylədi. Nina ona sual verdi: – Bacısını da aparmışdırmı? – Görmədim, başqalarından da soruşa bilmədim. Hələ Həsənağa sözünü bitirməmiş qapı vuruldu azdan sonra Mahru xanımın gəldiyini xəbər verdilər. Mən heç də onun bu cür qorxulu bir gecədə bayıra çıxacağına inanmırdım: buna görə də ona sual verdim: – Əcəba, siz qorxmadınızmı? – Evdə qalmaq bundan da qorxuludur – Mahru titrək bir səslə dedi. – Evin dağıdılmaq və qarət olunmaq ehtimalı vardır. Sərdar Rəşid şəhəri buraxdı, məncə, o, qorxusundan qaçmadı o, bir hiylə üzərinə Təbrizi buraxdı. O məni aparmaq üçün çox çalışdı, getmək istəmədim, nəhayət, o, tapançanı çəkib məni öldürmək istədi, yenə də getmədim. Hər halda, evdə qalmaq da mümkün deyildir. Evdə böyük hərc-mərclikdir. Kənardan heç bir şey ola bilməz, mənim qorxum onun ərdəbilli nökərlərindəndir. Onların hər birisi sərdar Rəşid kimi həyasızdır, onlar üçün ana-bacı yoxdur, olduqca vəhşidirlər. Buna görə də köçüb Nina bacının yanına gəldim. Mahru çarşabını götürüb oturdu. Biz hələ yemək yeməmişdik, o da bizimlə bərabər süfrədə iştirak etdi. Redikülündən sərdar Rəşidin Tehrana vurduğu teleqramın surətini çıxarıb mənə verdi: (Səməd xan şəhərə daxil oldu. Şəhərdə həyəcan və iğtişaş baş verməkdədir. Şəhəri buraxmağa məcbur oldum. Vəziyyəti təfsilən xəbər verərəmə. ek Üç gündən bəri idi ki, Tehranla Petroqrad və Təbriz arasında müzakirə davam edirdi. Baş vəzir Mustofil-məmalik və xariciyye vəziri Tehranda Rusiya səfiri Etterə nota verib Qafqaz canişininir Hacı Səməd xanı ikinci kərə İrana gətirməsini İranın daxili işlərinə müdaxilə kimi mənalandırırdı. Nəhayət, İranın bir neçə nota və protest teleqramına cavab olaraq Rusiya xariciyyə naziri Sazonov Hacı Səməd xanın bir qoşun komandanı, bir çar çinovniki kimi İrana gəldiyini və İran torpağını osmanlılara qarşı müdafiə edəcəyini xəbər verməklə İran əfkari-umumiyyəsini sakit etdi. Rusiya xariciyyə naziri, eyni zamanda Təbriz konsuluna müraciətlə Hacı Səməd xanın mövcud olan qoşun ilə Savucbulaqdan osmanlıları çıxarmaq üçün Təbrizdən hərəkət etməsi əmrini verdi. Hacı Səməd xan öz qüvvəsini hazırlamaq və hücum halına gətirmək üçün Marağa şəhərinə köçdü. Lakin mövcud olan rus qoşunu ilə osmanlıları Savucbulaqdan çıxarmaq mümkün olmayacaqdı, burada yerli xanların və əşirətlərin də iştirak etməsi lazım idi. Hacı Səməd xan Marağada olduğu vaxt Azərbaycan xanlarına təcili teleqramlar və qasidlər göndərib bir həftəyə qədər öz silahlı qüvvələri ilə bərabər Marağada toplanmalarını əmr etdi. Çar konsulu Təbriz xalqını sakit etmək və Hacı Səməd xanın arxasını təmin eləmək üçün də ikinci nökəri olan sərdar Rəşidə muraciət edib onu Təbrizə dəvət etdi. Konsulun ona göndərdiyi məktubunda belə yazılırdı: 4Cənab Hacı Şücaüddövlə öz vəzifəsini ifa etmək üçün Təbrizdən Marağa şəhərinə hərəkət etdi. İndi həzrət əşrəf Təbrizə gəlib öz vəzifəsini ifa etməlidir. Eyni zamanda həzrət əşrəf həyəcana gəlmiş və şəhərdən qaçmış xalqı da əmniyyətə dəvət etməklə öz yerinə qaytarmalıdır. Həzrət əşrəf əfkari-ümumiyyəni çarın İran işlərinə müdaxilə etmək istəmədiyinə inandırmalı və onlara izah etməlidir ki, bütün təşəbbüslər İranın istiqlaliyyətini müdafiə etmək və Təbriz xalqının malını, irz və namusunu mühafizə eləmək üçündünrə. Konsulun bu məktubundan sonra sərdar Rəşidin Təbrizə qayıtmaq xəbəri şəhərə yayıldı. Ümumi iclas çağırıldı. Yenə də müdafiə tədbirləri və silahlı qüvvə təşkili məsələləri qoyulmuşdu. Biz həmin bu məsələləri müxtəlif şəkillərdə olaraq bir neçə kərə müzakirəyə qoymuşduqsa, əksəriyyət qazanmamışdıq. Buna baxmayıb yenə də müzakirəyə qoymuşduq. Bir çox yoldaşlar yenə də əksəriyyət qazanacağımıza inanmadıqları üçün bu iclası tamamilə artıq hesab edirdilər. İclası mən açdım. İclasın məqsədini və gündəlik müzakirədə duran məsələləri elan etməzdən əvvəl son hadisələr və onların nə kimi bir məqsəd daşımaları haqqında iclasdakılara məlumat verməyə başladım. Sərdar Rəşidin üçtərəfli və xain siyasət aparması məsələsinə keçərkən yenə də yerlərdən: – Uydurmadır! – Əsli yoxdur! – Həqiqətdən uzaqdır! – Böhtandır! – İftiradır! – Günəşin qabağına pərdə çəkməkdir! – deyə səslər ucaldı. Mən bu səsləri çox soyuqqanlı bir surətdə eşidirdim. Səslər sakit olduqdan sonra yenə də sözə başlayaraq dedim: – Əziz yoldaşlar! Mən sizinlə yeddi ildir ki çalışıram. Sizdən bir nəfər də olsa mənim bir kəsə böhtan və iftira dediyimi göstərə bilməz. Bu barədə sizdən cavab gözləyirəm, danışın! Hər kəs bu barədə bir söz eşidibsə desin! Hamı bir səslə: – Xeyr, eşitməmişik! – dedi. – İndi ki, eşitməmisiniz, bundan sonra da eşitməyəcəksiniz. İndi mənə qulaq asın. Sərdar Rəşidin alman dövləti ilə əlaqəsinə dair əlimizdə vəsiqə vardır. Onun Əbülfət Mirzəyə yazdığı məktubun surəti bizdədir. Buyurub baxa bilərsiniz! – bunu deyərək məktubu portfelimdən çıxarıb göstərdim. – Bu da onun çar konsuluna yazdığı son məktubdur. Bu da onun Hacı Mirzağa Bülluriyə göndərdiyi məktubdur. Hamısını sizin üçün oxuyuram. İndi siz İranın Rəşid oğlu? deyə nüfuzunu qaldırmaq istədiyiniz sərdar Rəşidin iç üzünü görün! oko İclasdan çıxıb evə gəldim. Gecə saat bir idi. İclasımız yenə de İmam Hüseyn təziyəsi pərdəsi altında keçmişdi. Bunu Nina da bi lirdi, buna görə də o məni görən kimi: – Deyəsən, bu gecəki İmam Hüseyn təziyəsi çox rövnəqli keçmişdir, rəngin qızarmışdır, çox ağlayan adama bənzəyirsən? – deyə soruşdu. – Doğrudur, Nina! – dedim, - təziyə çox təntənəli keçdi, irticanın qarşısını almaq mümkün oldu. Bu sözümdən Nina dərin bir ah çəkərək: – Qorxuram ki, - dedi, – bizim də çəkdiyimiz zəhmətlər hədər getsin: mən də burada ən qiymətli bir şeyi itirəm. – Ö nə kimi qiymətli şeydir, Nina? – Səni itirəcəyimdən qorxuram! Nina bunu deyərək hönkür-hönkür ağladı. Mən indiyə qədər Ninanı bu qədər kədərli görməmişdim. O, çox ağır və təhlükəli günlərdə belə özünü şaşırmamış və ağlamasını mənə bildirməmişdi. Mən ona sual verdim: – Təzə xəbərmi eşitdin? – Bu günlər mühitimiz təzə xəbərlərlə dolu deyildirmi? – Nina, sən heç də özünü itirmə! Bu hadisələr bizim həyatımızda heç bir dəyişiklik yarada bilməz! – Sərdar Rəşid hazırkı mühitin ən nüfuzlu bir adamıdır, onun bizi görməyə gözü yoxdur. Fürsət tapan kimi səni məhv edəcəkdir. Onda bizim vəziyyətimiz necə olacaqdır? – Bu məsələ həmin fürsətdən asılıdır. Zənn edirəm ki, sərdar Rəşid həmin fürsəti ələ keçirə bilməyəcəkdir. – Hazırda fürsət onun əlindədir, o bu günün özündə səni məhv edə bilər. – İnan, Nina! Biz o qədər də aciz deyilik, biz öz vəziyyətimizi müdafiə edə biləcəyik. Sən konsulxanada olan söhbətlərdən qorxma, onlar öz düşündüklərini deyir, biz də öz düşüncələrimizlə hərəkət edirik. Biz məğlub olmayacağıq, ona əmin ola bilərsən! – Biz Səttar xan Təbrizdən getdiyi zaman buradan getməli idik, lakin sən məni eşitmədin. Söylə görüm bizim burada nəyimiz var? – Bizim burada hər şeyimiz var! Xalqın azadlığı uğrundakı mübarizəni davam etdirməliyik. – Sən sərdar Rəşidin fikrini bilirsənmi? – Bilirəm, Nina! – dedim. O sənin başından bir tük belə qopara bilməz. O bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdırl Görünür ki, Mahru xanım sərdar Rəşidin Nina haqqındakı fikrini Ninaya danışmışdı, buna görə də Nina qorxuya düşmüşdü. Lakin sərdar Rəşidin bu barədə müvəffəqiyyət qazanması xaricdən gələn dəstənin qələbəsindən asılı idi. Sərdar Rəşid ancaq osmanlılar bizi həbsə aldıqdan və vəziyyətə hakim olduqdan sonra öz fikrini həyata keçirə biləcəkdi. Yenə də mən Ninanı sakit etmək üçün: – Sənin bu düşündüklərin hələlik ehtimal şəklindədir, gələcək qaranlıqdır, ondan heç bir diplomat belə qəti xəbər verə bilməz, – dedim. – Bu mübarizədir! Mübarizə aparan tərəflərin növbə ilə məğlu» və qalib olması məcburidir. Sən sərdar Rəşidin son və süni nüfuzundan təkan yemə, o nüfuzu sabun köpüyü kimi partladacağıq. Görünür ki, sən məni yenə də tanımamısan. Nina qismən sakit olmuşdu. Onun gözlərində və çöhrəsindəki adilik öz yerini tuturdu, onun donunun üstünə tökülən inci dənəsi kimi göz yaşları da görünmürdü. O yenə də vəziyyətini düzəltmək üçün durub getdi. Mən müdafiə tədbirlərini həyata keçirmək üçün plan hazırlamağa başladım. Vaxt çox az idi. Savucbulaq altında gedən müharibələr uzun çəkə bilməyəcəkdi. €NİCAT ORDUSU? Təbriz əhalisi arasında olan qorxu və həyəcan həddini aşırdı. Osmanlılara nisbət verilən vəhşiliyin cürbəcür şəkilləri yerli olmayan əhalinin köçməsinə səbəb olmuşdu. Faytonlar, arabalar, avtomobillər arası kəsilmədən Culfa vasitəsilə Rusiyaya qaçqın daşıyırdı. Təbrizdə, hər şeydən əvvəl, görünməyən bir bahalıq baş vermişdi, çünki karvanlar qorxusundan yola çıxmadığı üçün Təbrizə yemək şeyləri gətirən yox idi. Anbar sahibləri də anbarları bağlayır və yemək şeylərini gizlədirdi. Xüsusən ərzaq şeylərinin əksəri çar təbəələri və çar himayəsində olanların əllərində olduğu üçün onlar süni olaraq qıtlıq və bahalıq yaradırdılar. Onlardan bir çoxları da Təbrizdən köçüb getmişdi. Təbriz inqilab Komitəsi Təbrizə gələn başıpozuq dəstələrə qarşı müdafiə qüvvələri təşkil etdiyi kimi, bahalıq ilə də mübarizə hazırlığını görürdü. Mən və Ələkbər yoldaş bu barədə düşünürdük. Məşədi Kazım ağa isə əllərini qoynuna qoyub oğlu ölmüş adamlar kimi ah çəkir və düşünürdü. Mən onun nə üçün düşündüyünü bilirdim, o öz malının və anbarlarının qarət olunacağından qorxurdu. Mən onu sakit etmək üçün soruşdum: – Nə üçün belə kədərlisiniz? – Elə belə də... – Necə yəni «elə belə dəs? Bu kədərin bir səbəbi ola bilməzmi? – Siz özünüz bilirsiniz ki, biz inqilabçıyıq, bəs niyə düşünməyək? – Hərgah inqilab üçün düşünürsünüzsə, bir kərə mənim canıma and için! – Bu olmadı kıl İnqilabçı inqilabçıya inanmayanda bəs kimə inanacaqdır? – İndi siz mənə inanırsınızmı? – İnqilabın canı üçün, sizə iki gözümə inanan kimi inanıram. – İndi ki, mənə inanırsınız, mən də sizə deyirəm ki, heç fikir etməyin: osmanlıların Təbrizə girməsindən sizin bir şahınızın da başı ağrımayacaqdır. Məşədi Kazım ağa əlindəki müştüyü uzadıb boynunun dalısını qaşıdı və üzümə tərəddüdlü adamlar kimi baxıb dedi: – Hərgah, doğrudan da, belədirsə, niyə də inanmayım? – Sizin oğlanlarınızın canına and içirəm. – Qoy inqilaba bir şey olmasın. Bütün varım-dövlətim sizin və Nina bacının bir tükünə qurbandır... Onlar da ki, belə qalır. – Nələr belə qalır? – Onlar da... – Onların adları yoxdurmu? Məşədi Kazım ağa bir mənə, bir də Ələkbər yoldaşa baxıb durdu. O mənə demək istədiyi sözü Ələkbər yoldaşın yanında demək istəmirdi. Nəhayət, mən: – Danışın, Ələkbər yoldaşdan sözünüzü gizlətməyinl – dedikdə o: – Erməni məhəlləsindəki arvad da öz qızları ilə köçüb getmək istəyir. Bilmirəm heç necə olsun? – Siz bunu haradan bildiniz? – Dünən bir məktub göndərmişdilər. – Bəs nə üçün cavab vermədiniz? – Sizinlə danışmaq istəyirdim. – Eybi yoxdur. Mən bir saat sonra €Ermənistanpda çağırdığımız iclasa gedəcəyəm, orada erməni xalqının «özünü müdafiə dəstəsiə düzəltmək üçün ümumi müşavirə çağırmışıq, onların vəziyyəti ilə da tanış olaram. Məşədi Kazım ağa durub gedərkən mən: – Qorxmayın, gedib hücrəni açıb oturun, – dedim. – Hücrədə nə vardır ki? – Sizə indiyə qədər verdiyim məsləhətlərdən zərər çəkməmisiniz ki? -— Xeyr, Allah inqilabı mənə, səni də inqilaba çox görməsin! – Bilirəm, indi elə bir vaxtdır ki, mal alan olmaz. – Mal alan hardaydı? Oturursan, gündə yüz nəfər gəlib mal təklif edir, özü də yarı qiymətinə. – Bəs nə üçün almırsınız? – Necə alım? Xeyri olsaydı xalq öz malını nə üçün satırdı? – Çar təbəələri mallarını satırmı? – Onlar da satır, amerikalılar da, fransızlar da satır. Amma nəqd pula satırlar. – Sizin nəqd pulunuz yoxdurmu? Məşədi Kazım ağa sözümün cavabını yubandırdı, bir az o yanbu yana burulduqdan sonra: – Nə üçün... inqilabın dövlətindən beş-altı tümənimiz tapılar, dedikdə, mən: – Qorxma, get nə mal varsa al, Təbriz qarət edilməyəcəkdir. ancaq bu sözü başqalarına demə! – Nə buyurursan, ağa?1 Mən inqilabçıyam, başımı verərəm, sir. rimi vermərəm. Məşədi Kazım getdi, mən də faytonu qoşdurub 4Ermənistanpa yola düşdüm. Faytonu Timuryanın qapısında saxlatdırdım və Yelena Konstantinovnanın qızlarının halını soruşmaq üçün içəri girdim. Mən içəri girdiyim zaman onlar da evlərində az miqdarda olan şeylərini bağlayıb üstündə oturmuşdular, kimi isə gözləyirdilər. Salam verib boş bir stolun üstündə oturdum və: – Bu nə hazırlıqdır? – deyə soruşdum. Ksenya kədərindənmi, yaxud məni gördüyü üçün şadlığındanmı ağladığı üçün danışa bilmədi. Lakin onun anası Yelena: – Sizə çox zəhmət verdik, - dedi, – siz bizi təmin etmək üçün əlinizdən gələn qədər yaxşılıq etdiniz. Lakin iqbalın qarğıdığı bir adamı xoşbəxt etmək mümkün deyil. Özümüzü yavaş-yavaş düzəldirdik, burada səkkiz nəfər erməni uşağına dərs verirdik, ayda iyirmi beş tümən bizi dolandırırdı, özüm də maşın tapmışdım, paltar tikəcəkdim. Lakin osmanlıların Təbrizə gəlməsi bizim yaşamağımıza imkan vermədi. Xalq köçür, biz də köçmək istəyirik. Lakin nə nəqliyyat tapırıq, nə də hərəkət etmək üçün pulumuz vardır. Qadın bunu deyib susdu, Ksenya ağlamasını gizlətməyə çalışırdı. Silva ayaq üstündə donub durmuşdu. Mən əvvəlcə bunlara para verib, nəqliyyat tapdırıb Təbrizdən köçürməyi düşünürdüm, sonra isə «bu üç nəfər sahibsiz qız və qadın qışın vaxtında hara gedə bilərlər?) – deyə əvvəlki fikrimdən daşındım. – Getmək lazım deyil! – dedim. – İqbal sizin üzünüzə gülməsəydi mənimlə tanış olmaz və mənə təsadüf etməzdiniz. Köçməyin, rahat oturun. Sizin burada tükünüzü də dəbərdən olmaz. Siz sahibsiz deyilsiniz! Mən bu evdən çıxmamış siz şeylərinizi açıb düzəltməlisiniz. Burada yalnız siz deyilsiniz, erməni məhləsində minlərlə sizin kimi adam var. Heç bir sıxıntı çəkməyin. Hərgah sizi tapşırdığım adamlar lazımınca təmin etmirsə, onu mənə xəbər verin! Ksenya dedi: – Lazımınca təmin edirlər. Lakin biz bunu istəmirik, çünki bu qədər yaxşılığın əvəzini verə bilməyəcəyik. Mən: – Sizdən əvəz istəyən yoxdur. Bu iş mənim üçün bir məcburi vəzifə deyil, vicdani vəzifədir, – deyərək onları razı saldım, onlar da durub mənim yanımda şeylərini açıb evi döşəməyə başladılar. Mən yenə də görüşlərinə gələcəyimi vəd edərək ayrıldım. * * * Hacı Səməd xanın müharibə hazırlığı Hacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı. Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu. Savucbulaqda olan düşmən dəstəsinin qüvvəsi mühüm bir qüvvə deyildi, buna görə də Hacı Səməd xanın bu qədər dəyərli bir qüvvə gətirməsi nəticəsində Savucbulaqda həyəcan başlanmışdı. Tütünçüoğlu göndərdiyi məktubda Savucbulağın həyatını təsvir edərək yazırdı. €Yerli xalq Savucbulağı işğal etmiş dəstənin qələbəsinə inana bilmir, şəhərin hər tərəfində ümidsizlik və həyəcanlar hiss edilir. Gecələr xalq uzun karvanlarla şəhərdən köçüb gedir, şəhərdə bir nəfər də olsa varlı və tacir qalmamışdır. Onlar öz ailələrini və öz sərvətlərini toxunulmaz yerlərə göndərmişdir, şəhərdə yalnız əlsizayaqsızlar və yoxsullar qalmışdır. Bizim öyrəndiyimizə görə, Hacı Mirzağa və Hüseyn Fişəngçinin bütün ümidi Təbriz xalqınadır. Onun zənninə görə, bu dəstə Təbriz altında görünən kimi Təbriz xalqı rusların əleyhinə ümumi qiyama başlayacaqdır. Onların İran mücahidləri arasında yaydıqları müraciətnamələrdə də bu fikirlər ifadə olunur. Müraciətnamələrin birisində: «İran mücahidləri, cərgələrinizi düzəldin, qələbə günləri yaxındadırl Təbriz xalqı sizi ürək döyüntüləri ilə gözləyir, onlar sizinlə bərabər çar hökumətinə qarşı qiyam etmək üçün əlində silah sizi gözləyir) – deyə yazırlar. Lakin bu kimi müraciətnamələr ümidsizlik və həyəcanlara qalib gələ bilmir, görünür ki, Təbrizdən ümidverici xəbərlər ala bilmirlər. Bu saatda Hacı Mirzağa Büllurinin Təbrizə məktub aparan qasidləri yola düşdü, onların yanına gizli adamlar qoşmuşam. Adamlarımız onları Təbrizə qədər təqib edib, məktubları kimlərə verdiyini öyrənib sizə xəbər verəcəkdirə. Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçi öz məktublarını demokratlara və siyasi işlərdə iştirak edən şəxsiyyətlərə yox, özləri kimi avantürist və lil suda balıq tutmaq istəyənlərə göndərirdi. Onlar Qaraməlikdə, Sürxabda, Lilabad və Həkimabadda olan məhlə lotuları və avam millətpərəstlər, mövhumatçı və molla qulaqlardan ibarət idi. Biz bunlara qarşı da tədbirlər görmüşük. Bu kimilərin təşkil etdikləri və Savucbulaqdan gələn dəstəyə kömək etmək üçün düzəltdiyi dəstənin nəfərləri yüz faiz bizim adamlarımız idi. Onlar bir hadisə üz verdiyi zaman özlərini tək görəcəklərdi, bunlardan bəzilərini çağırıb, danışdırıb məsələnin həqiqətini anlatmışdıq. Hər halda Təbrizin bu macəraya qoşulmaması məsələsini təmin edə bilmişdik. Bütün Təbriz yaxın günlərdə baş verəcək hadisənin intizarını çəkir, çar konsulu cəbhə vəziyyətindən lazımi xəbərləri əldə edə bilirsə də, Təbrizdəki əhvali-ruhiyyəni öyrənə bilmirdi, o, yerli xalqın gələn dəstəyə qoşulub ruslara hücum edəcəyindən qorxurdü. Bunlara baxmayaraq, konsul hər ehtimala qarşı hazırlıq görürdü, konsulxanadakı lazımlı vəsiqələri bağlatdırıb göndərirdi. Son günlər Ninanın verdiyi xəbərlərə görə, bəzi bağlıları gecələr konsulxana mütərcimi Mirzə Ələkbər xanın evinə göndərirlərmiş. Yek ok Müharibə başlandı. Lakin bütün xalqın heç gözləmədiyi bir halda Hacı Səməd xanın məğlub olmaq xəbəri Təbrizə yayıldı. Osmanlıdan gələn dəstənin komandanı Helmi bəy və siyasi komandan İbrahim Fovzi dəstənin hərbi keyfiyyətini nəzərə alaraq Savucbulaqdan çəkilməyə qərar vermişdi, lakin bu qərar həyata keçmədən əvvəl Hacı Səməd xanın hücumu başlandı, buna görə də Helmi bəy Səməd xanı məşğul etmək üçün bir qədər qüvvə irəli sürməklə, Savucbulağı boşaltmağa başladı. Hacı Səməd xanın on mindən artıq qüvvəsinin qabağını saxlamaq üçün Helmi bəy dörd yüz atlı göndərib ətrafdakı dağ keçidlərini kəsmişdi. Hacı Səməd xan öz yanında bir qədər rus piyadası və iki minə qədər inanılmış İran atlılarından ehtiyat saxlayaraq, qalan qüvvələrini üç hissəyə ayırıb Savucbulaq üstünə hücum əmrini verdi. Mərkəzdən hücum edən qoşuna Məmmədəli şahın qatırçısı və naiblərindən Qoçəli xan Müvəffəqiddövlə komanda edir və sağ cinaha Hacı Səməd xanın fərraşbaşısı Seyid Həsən xan Salar Mükərrəm komanda edirdi: sol cinah isə Hacı İsmayıl xan Əmir Tumanın komandasına tapşırılmışdı. Savucbulaq üzərinə üç tərəfdən şiddətli hücum başlanmışdı, çar dövlətinin atlıları hücum əmrini alan kimi atları mahmızlayıb müstəqim xətt ilə şəhəri götürməyə çalışırdı. Hamıdan qabaq Qoçəli xan Müvəffəqiddövlə sürətli bir surətdə Tatau çayını keçib şəhəri götürmək üzrə idi, lakin ətraf keçidləri tutmuş kürd atlıları Qoçəli xan dəstəsini şəhərin kənarında yaxalayıb şiddətli tüfəng atəşinə başladılar. Müvəffəqiddövlə kürdlərin qızğın tüfəng atəşlərinə baxmayıb, əlində siyirmə qılınc, dİrəli, irəlilə qışqıra-qışqıra atlının qabağında çapırdı. Lakin Müvəffəqiddövlənin ürəyindən dəyən bir güllə onu atdan yıxdı. Müvəffəqiddövlə öldükdən sonra onun atlıları arasında həyəcanlar başladı, bu həyəcan bir məğlubiyyətlə nəticələnməsin deyə Savucbulaq konsulluğuna namizəd olan bir rus zabiti öz atlı dəstəsi ilə hücuma başladı. Hələ kürdlərin səngərlərinə yaxınlaşmadan rus zabitini vuruk atdan saldılar. Qarışıqlıq başlandı. Çardovlu atlısı Müvəffəqiddövlənin ölümünü görürkən Savucbulağa hücum etmək istəmədi, çünki onların kəndləri Savucbulaq hüdudunda olduğu üçün savucbulaqlıların intiqam alacağından qorxurdular. Bunlar Savucbulaq kürdlərinə öz qonşuluq sədaqətlərini göstərmək üçün Savucbulaq ətrafında yerləşmiş dörd yüz nəfər kürdlə birləşərək, öz silahlarını Hacı Səməd xana qarşı çevirdilər və mərkəzi açıq buraxaraq Hacım Səməd xana hücuma keçdilər. Hacı Səməd xanın ehtiyat qüvvəsi düşmənin cəbhəni yardığını zənn edərək, əlində olan bütün hərbi ləvazimatı, topları və cəbbəxananı tökərək pozğun bir halda qaçmağa başladı. Sağ cinah Seyid Həsən xan Salar-Mükərrəm və İnayətissəltənə ilə bərabər kürdlər tərəfindən mühasirəyə alınmışdı. Hacı İsmayıl xan öz qardaşı İnayətissəltənənin təhlükə qarşısında qaldığını görürkən Savucbulağa girməkdə olan Şahsevən atlılarına geriyə qayıtmaq əmrini verdi və sağ cinahı qurtarmaq üçün hücuma keçdi. Helmi bəy və İbrahim Fovzi Hacı Səməd xan ordusunun pozulduğunu gördükdə təzədən Savucbulağa girdi, şəhərdə az bir qüvvə buraxaraq Hacı Səməd xanın pozulmuş dəstələrini təqib etməyə başladı. Konsul cəbhə xəbərlərini gizlədirdi, yerli mətbuatın bu barədə bir söz yazmasına imkan buraxılmırdı, buna baxmayaraq, Hacı Səməd xanın məğlubiyyət xəbəri bir ildırım sürəti ilə hər tərəfdə eşidildi. Rus hərbi dairələri Təbrizi boşaltmaq işini çox ehtiyatlı bir surətdə aparırdı, onlar Təbriz xalqına bu qorxunu bildirməmək və həyəcana imkan verməmək üçün şəhərə atlı dəstələri çıxarmışdılar. Hacı Səməd xan konsulxanaya yazdığı məktubunda: «Cənab general! Əlimizdə olan qüvvəni yersiz tələf etməmək üçün Savucbulaq altında ciddi müharibəyə girişməkdən boyun qaçırdım. Düşmənlə Marağa altında meydan müharibəsinə hazırlaşıramə – deyə təskinlik verirdi. Biz isə bunlara inanmırdıq, çünki Tütünçüoğlunun göndərdiyi məktublar Səməd xanın bir daha qüvvə toplayacağı və osmanlılara qarşı duracağı ümidlərini vermirdi. Biz gündə iki-üç kərə məktub alır və cəbhənin vəziyyətindən xəbər tuturduq. Cəbhədən qayıdan Şahsevən və Xalxal atlıları Savucbulaqdan Miyandab şəhərinə qədər bütün kəndləri və şəhərləri qarət edə-edə çəkilirdi. Miyandab xalqı ailəsini götürüb qaçır və öz malını kürdlərin talanına buraxırdı. Ciqato çayı minlərlə qərq olmuş insan meyitlərini və boğulmuş mal-qara cəmdəklərini axıdıb Urmu gölünə aparırdı. Tütünçüoğlunun yazdığına görə Təbrizə cazadlıqə gətirən bu dəstənin nəfərləri uşaqları beşikdən açıb yerə qoyur və beşiyi ata yükləyib aparırdı. Yazılan məktublarda deyilirdi ki, hər kəsin libası təzədirsə, ittihadi-islamçılar öz paltarlarını ona geyindirib, özü isə onun təzə paltarını geyir. Bu xəbərlər Təbrizdə hər kəsi düşündürürdüsə düşündürsün, hər kəsə nə cür təsir edirdisə etsin, lakin sərdar Rəşid üçün bu xəbərlər bayram xəbərindən daha nəşəli və daha xoş idi, çünki Səməd xanın bu məğlubiyyəti ona qalibiyyət müidəsi verirdi, çünki o bu məğlubiyyətdən sonra Səməd xanın Təbrizdə baş saxlaya bilməyəcəyini bilirdi. Sərdar Rəşid Hacı Səməd xanın bu məğlubiyyəti nəticəsində həmişəlik Azərbaycan əyalətini soya biləcəkdi. Tütünçüoğlunun son məktubunu Marağa şəhərindən aldıq. O, məktubunda yazırdı: «Hacı Səməd xan Marağada yerləşərək əlindəki az qüvvə ilə Helmi bəy dəstəsinin qabağını almağa və onu Təbrizə buraxmamağa çalışır. Hərgah o, qaçmaqda olan qoşunu bir yerə yığa bilsə və yerli xalqın məhəbbətinə istinad etmək imkanını əldə edə bilsəydi, bu başıpozuq dəstənin qabağını saxlamaq çox da çətin deyildi, çünki Marağada hərbi ləvazimat həddindən artıqdır, eyni zamanda Helmi bəy dəstəsinin əlində də heç bir şey yoxdur. Lakin Marağa xalqı Hacı Səməd xanın bütün planlarını pozdu, onlar osmanlıların intiqamından qorxaraq, Marağanı müharibəsiz vermək qərarına gəldi. Bu gecə yerli xalq Hacı Səməd xanı qorxudub qaçırmaq üçün şəhərin kənarında ot anbarlarını yandırıb «kürdlər şəhərə girdi? deyə hər tərəfə səs saldılar, misli görünməmiş bir həyəcan başladı, yatağından dəhşətlə qalxan qoşun böyükləri qışın soyuğuna baxmayaraq, çılpaq atı minib qaçdılar. Topçular səngərlərdə topların açarını çıxarmadan qaçdılar, bir çoxları sərbaza oxşamasın deyə tüfəngini də özü ilə aparmamışdır. Səməd xanın yanında bir neçə nəfər nökərindən başqa kimsə yox idi. Hacı Səməd xan öz ağırlığını apara bilmədiyi kimi əlində olan nəqd paranı da apara bilməmişdir, ordu üçün xərcləyəcəyi bir xurcun rus kağız pulunu qoyub qaçıbdır. Hacı Səməd xan beş-altı il ərzində Təbrizdən hər nə qədər dövlət qarət etmişdisə, hamısını burada qoyub qaçıbdır. Bu saat düşmən atlıları Marağaya girdi, hələlik ərkani-hərb gəlməmişdir, lakin Hacı Mirzağa Bülluri, Hüseyn Fişəngçi buradadır. Hazırda Hacı Səməd xanın evinin qarəti qurtarmışdır, evlərə od vurduqda gizlin əsləhə anbarı partladı, çox qiymətli şeylər tələf oldu. Marağa xalqının bu xidmətinə baxmayaraq, gələnlər yenə də «düşmən şəhəridimə deyib qabağa gələn ev-eşiyi qarət edirlər. Düşmənin Təbrizə gələ bilməsi bir-iki gün çəkər, siz orada hazırlıq görün, hələlik onlar etdikləri qarətləri yerbəyer eləməklə məşğuldurlar. Osmanlıların dilindən eşitdiyimiz ümumi söz, Təbriz dövlətli şəhərdir? sözlərindən ibarətdirə. * * * Çar konsulu Təbrizi tərk edir Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi. Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi. Təbrizdə buraxılan şayiələr çar konsulunun Təbrizi lazımi qədər boşaltmasına imkan vermirdi. Şayiələrə görə Marağadan hücum edən dəstələrdən birisi Sofyan kəndini kəsmək və Təbrizdən qaçanlara imkan verməmək üçün əmr almış idi, buna görə də çar konsulu lazımi vəsiqələri Rusiyaya köçürmək cəsarətini göstərə bilməmişdi, vəsiqələr Mirzə Fətulla xan və sairələrinin evində gizlədilirdi. Təbrizdə min nəfərə qədər rus qoşunu var idi. Lakin çar konsulu buna inana bilmirdi, çünki 11-ci ilin məhərrəm ayındakı yerli üsyan onun gözünü qorxutmuşdu. Biz xalqı bacardıqca qandırmışdıq, xalqın Savucbulaqdan gələn başıpozuq dəstələrə qoşulmaması üçün lazımi hazırlıqlar aparmışdıq. Hətta pul ilə ələ aldığımız mollalar vasitəsilə də izahat kampaniyası aparmışdıq. Lakin bunlara baxmayaraq, bir çox avamlar, mollaqulaqlar da Mirzağa Bülluri və Hüseyn Fişəngçinin təbliğatçılarına qoşulub: «Xəlifə ordusu gəlir, islama nicat verməyə, Təbrizi kafirlərin əlindən qurtarmağa gəlirlərə deyə qara fikirləri və iğtişaş arzularını meydana atırdılar. Kiçik hadisələri böyütməklə qarət yaradan ünsürlər də işə başlamışdı. General-konsul özünə dost hesab etdiyi bir çox iranlılarla bərabər, məni də gecə saat birdə yanına çağırdı. – Sizə də, Nina xanıma da köçüb getməyi məsləhət görürəm. Təbrizə gələn müntəzəm qoşun deyildir. Onlar başıpozuqlardır, ola bilər ki, çar hökumətinə hüsn-rəğbət bəsləyən sizin kimi dinc adamları da qarət etsinlər, buna görə də köçməyiniz lazımdır, – dedikdə mən: – Cənab generalın qeydimizə qaldığına qarşı təşəkkür edirəm. Hər halda Ninanın köçüb getməsi lazımdır, – dedim, – mənə gəldikdə burada qalmağı və xalqı başa salıb bəzi uyğunsuz hərəkətlərdən daşındırmağı lazım bilirəm, çünki buradan köçmək hamıya mümkün olmayacaqdır, burada bəzi müdafiə tədbirləri görmək de lazımdır, biləks böyük bədbəxtlik üz verə bilər. Konsul bizim fikrimizi çox bəyəndi və eyni zamanda: – Təbrizdə qalan çar təbəələrini və çar himayəsində olanlarır ailəsini mümkün olursa mühafizə edin, – deyə tapşırdı. Vidalaşıt çıxdım. Doğrudan da, Ninanı Təbrizdən köçürmək istəyirdim. Təbrizə girən qüvvələrin kimlərdən ibarət olması mənim üçür aydın idi, onlar Təbrizdə qalan rusları başlı-başına buraxmaya «aqdı. Bu nöqteyi-nəzərdən də Ninanı Təbrizdə saxlamaq yarama yacaqdı, o biri tərəfdən də sərdar Rəşidin Nina haqqındakı xalı fikri məni düşündürürdü. O, Təbrizi işğal edən başıpozuq dəstələ rin rəhbərləri ilə uyuşduqdan sonra öz fikrini həyata keçirməyi çalışacaqdı. Lakin bu fikrimi Ninaya nə cür deyə biləcəkdim? Bu barədə çox çətinlik çəkirdim, çünki onun bu kimi təklifi qəbul etməyəcəyini bilirdim. Gecə saat ikinin yarısında evə gəldim, müdafiə təşkilatı rəhbərləri ilə iclas edəcəkdik, onların hamısı yığılıb məni gözləyirdi. Mən Tütünçüoğlunun son məktubunu oxudum və konsulun qaçmağa hazırlaşdığını xəbər verməklə onlara öz qüvvələrinin başında olmasını tapşırdım. €Artıq oturmaq vaxtı deyil. Müdafiə işi heç bir kəsə hiss etdirilməməlidir, yerli hökumət bundan xəbər tutmamalıdır? deyərək tapşırdım. Gecə saat iki tamamda iclası bitirdik. Müdafiə təşkilatı olduqca möhkəm bir təşkilat idi. Onlar şəhərin hər tərəfində yerləşmiş, bütün küçələri tutmuşdular. Lakin heç kəsin əlində silah yox idi. Hər dəstənin silahı özünün tutduğu məhlədə müəyyən evlərdə saxlanılırdı, lazım gəldiyi zaman bir dəqiqənin içərisində minlərlə silahlı adam küçədə görmək mümkün olacaqdı. Gecə saat üçün yarısında evimizdə müdafiə üçün Həsənağa, Şabanağa, Müseyib və on nəfər də başqa yoldaş var idi. Bunlarla bərabər şam yeməyi yeyəcəkdik, Nina və Təhminə xanım süfrə döşü— yürdü. mənsə Ninaya köçmək məsələsini açıb demək barəsində düşünürdüm. Nəhayət, ona bu təklifi yoldaşların yanında etməyi qərara aldım, çünki bu sözümü təklikdə ona demiş olsaydım, o yenə də ağlayacaqdı, lakin yoldaşların yanında onun özünü əla alacağını bilirdim. Buradakılar onun siyasi dəməyində iştirak edənlər idi. Nina bunların yanında ağlamazdı, özünü ələ almağa çalışardı. Bu ümidlə də ona müraciət etdim: – Nina, bilmirəm sən konsulun məsləhət gördüyü işi qəbul edəcəksənmi? – Mən altı ildir ki, buradayam, konsulun məsləhətlərini bir kərə də olsa qəbul etmişəmmi? – Konsul vəziyyəti nəzərə alaraq sənin müvəqqəti olaraq Təbrizdən köçüb getməyini məsləhət görür. – Hərgah birlikdə köçüb getmək mümkün olsaydı, mən heç vaxt etiraz etməzdim, lakin sən təzə iş başlamısan, bilirəm ki, sən onu yarımçıq qoyub Təbrizdən hərəkət etməyəcəksən, mənsə tək çıxıb getməyəcəyəm, qanım burada oturanların qanından qiymətli deyildir. – Nina, vəziyyət çox ağırdır. Sən məni eşit, Məcidi də götürüb müvəqqəti bu hadisələr şəhərindən uzaqlaş, qoy mən sənin rahatlığından əmin olum, qoy düşmənlə asudə mübarizə aparım. Nina çox qəti olaraq dedi: – Mən sənin əl-ayağına dolaşmayacağam, getmək lazımdırsa, gəl, birlikdə gedək, bu da mümkün deyilsə, bu məsələ barəsində artıq danışma! Mən daha danışmadım, süfrə başında pozğunluq yaratmaq istəmədim. Ninanın da məni Təbrizdə buraxıb getməyəcəyini bilirdim, eyni zamanda mən öz qüvvəmizə də inanırdım. Nə sərdar Rəşid, na də xaricdən gələn başıpozuq dəstələri bizə təzyiq göstərə bilməzdi. Rusların başını qarışdırmaq üçün düzələn bu macəranın məqsədi İranın ən zəngin şəhəri sayılan Təbrizin qarət edilməsindən ibarət idi, buna görə də biz hər ehtimala qarşı hazırlaşmışdıq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvənin tərk-silah olunması üçün də hazırlıq görmüşdük. Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçinin mənə qarşı tutduğu vəziyyət aydın idi, məktubda «eybi yoxdur, gəlib Təbrizdə danışarıq) – demələri də bunu göstərirdi. Onlar Təbrizə qalib sifəti ilə girdikləri zaman, birinci növbədə məni və mənim yanımdaklları həbs etməyə çalışacaqdı. Onlar bizim həbsimizə nail olmadan Təbrizdə heç bir işə cəsarət edə bilməzdi. Lakin Savucbulaqdan öz adamlarına yazdıqları və yolda tutulub bizim əlimizə düşən məktublarda: – (Biz hərəkətə xain çıxanları dar ağacına çəkəcəyiklə – de: mişdilər. Konsulxananın qapısında adam qoymuşduq. Hər yarım saatdar bir xəbər alırdıq. Gecə saat dörddə bir nəfərin örtülü avtomobilde gəlib konsulxanaya girdiyi xəbərini gətirdilər. Bunun sərdar Rəşic olduğu bəlli idi. Söz yox ki, çar konsulu ona tapşırıqlar vermə! üçün çağırmışdı. Biz Mahruya tapşırmışdıq ki, sərdar Rəşidin bütün işləri haq: qında bizə məlumat versin. Bütün gün bizim təyin etdiyimiz qadınla: sərdar Rəşidin evinə gedir, Mahrunun yoldaşları kimi onun otağın: girir və Mahrunun bizə yazdığı şifrə məktublarını gətirirdi. Gec: saat ondan sonra bu qadınlar vasitəsilə məktub almaq mümkün olmadığından Mahru bəzi mühüm məlumatları telefon vasitəsilə bizə xəbər verirdi. Telefon zəngi vurdu, çağıran Mahru xanım idi. O, məlumatı çox qısa bir surətdə verdi: Sərdar Rəşidi konsulxanaya çağırdılar. Konsulun örtülü avtomobilində getdi. Bu saat da Marağa şəhərinə iki qasid göndərirlər. O, sərdar Rəşidin Hacı Mirzağa Bülluriyə göndərdiyi təcili məktubu aparır. Qasidlər hələlik buradadır. Sərdar Rəşidin konsulxanadan qayıtmasını gözləyirlər. Mümkünsə məktubları əldə edin, qasidlərin ikisi də kürd libasındadır, lakin özləri kürd deyilə. Biz telefonoqrammanı alandan sonra təcili sürətdə dörd nəfər atlının Yanıq yolu boyunda gəzməsi əmrini verdik, bir nəfər atlı da qasidləri sərdar Rəşidin evindən Yanığa qədər təqib edəcək və yolda öz yoldaşları ilə bərabər məktub aparanları tutacaqdı. Bizim göndərdiyimiz adamlar da kürd paltarında idi, sərdar Rəşidin qasidlərini Hacı Mirzağa Büllurinin gətirdiyi kürdlərin adı ilə soyacaqdı. kx Səhər saat 6-da çay içdiyimiz zaman, sərdar Rəşidin qasidlərini soymaq üçün gedənlər gəldi və sərdar Rəşidin Hacı Mirzağa Bülluriyə yazdığı məktubu gətirdi. Məktubun qısa məzmunu bundan ibarətdi: eNəsriminəllahü və fəthün qərib... Dust – möhtərəm! Əlhəmdülillah öz arzularımıza nail olduq. İslam silahının qələbəsi ilə gözlərimiz işıqlandı, yaxın saatlarda ziyarətinizə nail olduğumuzun bayramını edəcəyik. Bütün dostlarla bərabər Təbriz xalqı xəlifeyi-ruyi-zəminin bayrağına baş əyməyə hazırlanır. İstiqlaliyyətimizə səbəb olan qalib orduya və onun qəhrəman rəhbərlərinə bizim tərəfimizdən salam söyləyin. Hər halda biz gözümüzün işığı olan ordunun rahət olması üçün əlimizdən gələn hazırlığı görməkdəyik. Siz də öz tərəfinizdən bəndəyə məlumat verməlisiniz ki, nə qədər qoşun üçün mənzil hazırlamalıyıq, zabitlər və sahibi-mənsəblərdən ötrü neçə otaq lazımdır. Gələn əsgərlər üçün libas hazır etdirmək istəyirik, nə qədər libas və nə qədər ayaqqabı sifariş verməliyik? Hər halda bunları bilmək lazımdır. Elə olmasın ki, sonra bizim üçün xəcalətlik olsun. Sizin və cənab Kəblə Hüseyn ağanın bəndəyə nisbət hər cür fərmayişiniz olsa, yazıb məlum buyurasınız. Yaxşı olardı ki, başımızı uca edib bəndəxanədə mənzil edəydiniz. Təbrizə nə vaxt varid olacağınız haqqında bəndəyə məlumat verəsiniz ki, camaat istiqbala çıxsın. Əqəllünnasi) sərdar Rəşidə Sərdar Rəşid bu məktubunda Hacı Mirzağa Bülluriyə bir tərəfdən yaltaqlanır, o biri tərəfdən də onların qüvvələrini öyrənib çar konsuluna xəbər vermək istəyirdi. Bunun üçün Hind-Avropa teleqrafxanasına adam göndərib sərdar Rəşid tərəfindən Tiflisə teleqram göndərilib-göndərilməməsini yoxlamağı tapşırdıq. Oradan alınan xəbərlərə görə sərdar Rəşid iki günün içərisində Qafqaz canişininə səkkiz teleqram göndərmişdi, teleqramlar şifrəli teleqramlar olduğu üçün bir şey arılaşılmamışdı. Hacı Mirzağanın dəstəsi Marağanı işğal edincəyə qədər sərdar Rəşidin mənimlə olan əlaqəsində heç bir düşmənçilik hiss edilmirdi. O məni məhv etmək istəsə belə, bunu dostluq və yaxınlıq pərdəsi altında icra etməyə çalışırdı, lakin Marağa alındıqdan və Səməd xar Təbrizdən çəkildikdən, xüsusən çar konsulu köçüb getdikdən sonr: sərdar Rəşid özünü vəziyyətə hakim hesab edərək, bizimlə əlaqə: sini kəsmişdi. Artıq o məni öz gücü, yaxud Təbrizə girən başıpozuc dəstənin komandanı Helmi bəyin vasitəsilə məhv etməyi düşünürdü Bunu Mahrunun son telefonoqrammasından da anlamaq olurdu. O, çar konsulu Təbrizdə ikən Nina məsələsini çox ciddi qoy: bilmirdi, çünki hər halda Nina konsulxanada məsul bir vəzifədə iş ləyirdi”, hazırda isə nə konsulxana vardı, nə də Nina məsul bir xid mətdə idi. Sərdar Rəşid Mahruya acıqlandığı vaxt: – Sən özünü çox da qiymətləndirmə, yaxın günlərdə səndən d: gözəl bir qadın bu evə gələcəkdir, – demişdi. Təbriz adamları və Təbriz bekarları böyük dəstələrlə axıb Təb. rizə gələn qalib ordunun istiqbalına gedirdi. Kəci! qəbiristanı tərəf: lərindəki küçələr, damlar və divarların üstü tamaşaya çıxan camaatla dolu idi. Onlar: – Yaşasın islamın naciləril.. – Yaşasın Ərkan paşa! – Yaşasın Bülluri! ” Yaşasın Kəblə Hüseyn ağa Fişəngçil – deməyə hazırlanır ve şüarları əzbərləyirdilər. Sərdar Rəşidin əmrinə görə gələn dəstələrin qabağına quru meyvələr, yağlı çörək və şəkərçörəklər, cürbəcür dadlı çörəklər də aparılmışdı. Tabaqlar dolusu naz-nemət yollar boyu gələn qoşuna təqdim olunurdu. Təbrizə gələn qoşunun miqdarı min nəfərdən artıq deyildi, libasların, silahların müxtəlif olması gələn qoşunun başıpozuq olduğunu və müntəzəm olmadığını göstərirdi. Təbrizə gətirilən toplar Səməd ağa ordusundan alınan qənimətlər idi. Dəstənin özünə məxsus silahları, qatırlara yüklənmiş bir neçə dağ topu, bir neçə də pulemyotdan ibarət idi. İstiqbala gedənlərin bir çoxu bu dəstədən heç bir xeyir görməyəcəyini anlayırdı. Mollaqulaqların qaşqabağı aşağı idi, bu dəstənin Təbrizə nicat verəcəyini düşünənlər öz səhvlərini başa düşürdülər. €Yaşasın» səsləri də çox sönük çıxırdı. Mən Acudan qapısında durub bu «istiqbal təntənəsinə? tamaşa edirdim. Yanımda duran bir nəfər də tez-tez €Yaşasın, yaşasınlb deyirdi. Lakin onun kim üçün yaşasın dediyi məlum deyildi. Mən ona sual verdim: – Siz kimin üçün yaşasın deyirsiniz? O mənim üzümə baxıb güldü və: – Hələ məlum deyil! – dedi. Qoşun keçdikdən çox sonra qoşun komandanı Helmi bəy və siyası komandan Fovzi bəy öz qərargahi ilə gəlib keçdi. Çox dalda Kəblə Hüseyn Fişəngçi ilə Mirzağa Bülluri köhnə bir faytonda gəlirdilər. Mən öz faytonumuzu irəli sürüb onlarla görüşüb öpüşdüm, sonra da onlar köhnə faytonda şəhərə girməsin deyə öz faytonumu onlara təqdim etdim: özüm də onlarla bərabər oturub şəhərə qayıtdım. Hacı Mirzağanın birinci sualı bundan ibarət oldu: – Çar konsulu qaçdımı? – Bəli, qaçdı! – Rus təbəələri də getdimi? – Gedənlər də var, qalanlar da. – Himayədə olanlardamı getdi? – Yaxşı xəbərim yoxdur. Məncə, gedən azdır. – Biz belə düşünməmişdik. – Necə düşünürdünüz? – Biz elə fikir edirdik ki, biz Savucbulağı götürən kimi siz Təbrizdə üsyan edib çar konsulunu və Təbrizdəki rus qoşununu əsir götürəcəksiniz. Lakin bu iş mümkün olduğu halda siz buna əhəmiyyət verməmisiniz. – 11-ci ildə Əmir Heşmət üsyanı məsələsi müzakirə olunduğu vaxt hazır idinizmi? – Bəli, hazır idik! – Mən həmin axırıncı iclasda da üsyanın tərəfdarı deyildim, lakin mənim təklifim səsə qoyulduğu vaxt əksəriyyət qazanmadım. Doğrudur, o üsyanda qələbə çaldıq, qazandıq, lakin sonunda zərərimiz qazancımızdan artıq oldu. Təbriz yoxsulları, Təbriz inqilabçıları bir neçə günün içərisində rəhbərsiz qaldılar, biz rusların intiqam çıxışlarına qarşı boynumuzu əyib dar ağacının sabunlanmış kəndirlərinə keçirdik. Əziz yoldaş, qəlbin sınmasın, indi sən özün düşün, sənin arxalandığın bu qüvvə ilə çar hökumətinin qabağında dura biləcəyikmi? Yenə də bu hərəkətin nəticəsi bir təhlükə deyildirmi? Məgər siz bilmirsinizmi bu qüvvə ilə böyük bir hökumətin qabağına çıxmaq sadəlikdir? Bu cür böyük bir məsuliyyətin altına girmək mümkündürmü? Mirzağa Bülluri bir az düşündükdən sonra cavab verdi: – Xalqımız cİrandostə və millətpərəst bir xalqdır, onların ruhun: təkan vermək lazımdır. Biz öz gətirdiyimiz qüvvənin dəyərli bi qüvvə olmadığına inanırıq. Bizim istinad etdiyimiz qüvvə daxildək qüvvədir, ellər, əşirətlər, istiqlaliyyət tərəfdarı olan bütün xanla bizim arxamızdadır. Səsimizə bütün İran səs verəcəkdir. Mən siz: söz verirəm ki, on günün içərisində Təbrizə əlli min atlı yığılacaqdır Ağa, biz yalnız Təbriz məsələsini yox, bütün İran, bəlkə, Qafqa: məsələsini qoymuşuq. Bu söz Ərkan paşanın dilindən eşitdiyim söz lərdir ki, sizə ərz edirəm. Mən sizə təəccüb edirəm, sizin bu hərəkata soyuqqanlı baxmağınıza heç bir məna verə bilmirəm. Halbuk siz İranın azadlığı uğrunda hamıdan artıq çalışmışsınız. Təbrizə yetişdik, mən öz fikrimi Bülluriyə deməli idim, buna görə də ona uzun danışmaq imkanı verməyib sözə başladım: – Siz məni çox gözəl tanıyırsınız, mən daim İranın istiqlaliyyətini müdafiə edənlərdənəm, lakin mən bu sözlərimi Səttar xana dediyim kimi, sizə də deyirəm: xalqın yalnız milli ruhunu oyandırmaqla qalib gəlmək olmaz! Kəndlilərin və yoxsul şəhərlilərin, kargərlərin və kəsəbələrin inqilabi ruhunu oyandırmaq lazımdır! Bu gələn qüvvənin məsələsinə gəlincə, demək lazımdır ki, bunlar İrana istiqlaliyyət verə bilməz, çünki bunları İrana göndərən ölkənin özü də müstəqil deyildir, onların özü də buyruq quludur. Onları göndərən özü də oğlanlarını və öz vətənini alman kapitalistlərinin mənafeyi uğrunda qurban verənlərdir. Mən öz dostlarımızın və vaxtilə bizimlə silah yoldaşlığı edənlərin kor-koranə osmanlı və alman macərasına qoşulmasına razı deyiləm. Biz alman mənafeyi uğrunda yox, İran kəndlisi, İran yoxsulları uğrunda qurban verməliyik! Nəticəsiz təşəbbüs və qələbəsi qabaqdan hiss edilməyən işlərə qoşulmaq sadəlövhlükdür. Siz kimin qarşısına nə kimi bir qüvvətlə çıxdığınızı bir daha təsəvvürə gətiriniz, xalq qüvvətinə istinad etmək üçün əsas və zəmin lazımdır. Yaxşı baxın, kimdir sizi istiqbal edənlər?) Bekarlar, dilənçilər, sahibsiz qadınlar, küçə uşaqları və sairələri. Sən özün düşün, bunlara istinad etmək mümkündürmü? Əziz dostum, hərgah bu gün ruslar qüvvətləri az olduğu və daxili üsyandan qorxduqları üçün çəkilib getmişlərsə, bir neçə gündən sonra böyük bir qüvvətlə Təbrizə qayıdacaqlar. Mən nə qədər dedimsə, o yenə də öz xətt-hərəkətlərinin doğru olduğunu və sərdar Rəşidin bu hərəkata hüsn-rəğbət bəslədiyini təkrar etdi və mənə belə bir sual verdi: – İndi fikrin nədir? Sən bu hərəkata kömək edəcəksənmi? – Mən ancaq Təbriz xalqına kömək edəcəyəm. – Necə yəni Təbriz xalqına? – Məgər siz Təbriz xalqına kömək etməyin tərəfdarı deyilsinizmi? – Əlbəttə ki, Təbriz xalqının tərəfdarıyıq, hərgah tərəfdar olmasaydıq, aylar uzunu zəhmət çəkib bu qədər böyük bir hərəkatı təşkil etmək istərdikmi? – Çox gözəl, indi ki, məqsədiniz İranın istiqlaliyyətidir, indi ki, məqsədiniz Təbriz xalqına kömək etməkdir, o zaman sizə kiçik bir məsləhət görmək istərdim. – Nə kimi məsləhət? – Ayıq olun ki, gətirdiyiniz əsgərlər Təbrizdə özlərini yaxşı aparsınlar. Sizin nicatınız yerli xalqla gözəl rəftar etməkdə və onların məhəbbətini qazanmaqdadır. Hərgah onlar Miyandab, Savucbulaq, Marağa şəhərlərindəki kimi rəftar edərlərsə, o zaman biz onların Təbrizdən getmələri üçün təcili tələbat verəcəyik. Bu sözümdə Hacı Mirzağa Bülluri özünü düzəltdi və üzümə şübhəli bir nəzər ataraq soruşdu: – Bir hökumətin ordusunamı tələbat verəcəksiniz? – Məgər sən bizim bir hökumətə yox, Səttar xan vaxtında iki hökumətə qarşı durduğumuzu bilmirsənmi? – İndi bu saatda sənin əlində belə qüvvənin olduğuna inanmıram. – Sizin bəlanız da burasındadır ki, xalq qüvvəsini tanımırsınız, kütlə ilə əlaqəniz yoxdur, öz qabağınızdan kənarda nə varsa bilmirsinizl Bu gün sənin başında gələnlər təbrizlinin malına, irz-namüsuna əl uzadarsa, mən bir günün içərisində bütün Təbrizi öz ətrafımda səfərbərliyə ala bilərəm. Sən mənim təşkilatçılığıma inanırsanmı? – İnanıram, lakin mən ümid edirəm ki, sənin bu təşəbbüsünə lüzum görülməyəcəkdir, Təbrizə gələn dəstə namuslu və müntəzəm bir ordunun hissəsidir. – Etiraz etmirəm. Hərgah sən dediyin kimi olarsa, biz sizir nə nəfinizə, nə də zərərinizə olaraq hərəkət etməyəcəyik. Dedi. yinin əksinə bir hərəkət görsək qətiyyən tamaşaçı qala bilməyə cəyik. Mirzağa Bülluri bir kərə ah çəkərək: – Məsələ aydındır, - dedi. * * * Qarət başlandı Təbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi. Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi. Səhər saat 11 idi, adətimiz üzrə çayı içib Məşədi Kazım ağa ilə bərabər hücrəyə getməyə hazırlaşırdıq. Qapını döydülər, qapının yanında duran mühafizəçi dörd nəfər ckürdəpün gəldiyini xəbər verdi, onlar həyətə girdilər. Məşədi Kazım ağa bunları gördükdə: – Bunların üçü, doğrudan da, kürddür, dördüncüsü Camdaroğlu Rəcəbdir. Hacı Mirzağa Büllurinin köhnə hücrə şagirdidir, – dedikdə. mən bunların Hacı Mirzağa Büllurinin əmri ilə gəldiklərini yəqin etdim. Onlar həyətə girən kimi tövləni soruşdular. Hüseynəli əmi qorxa-qorxa tövləni nişan verdi, onlar heç kəsə müraciət etmədən tövləni açıb fayton atlarını eşiyə çəkdilər, öz aralarında atları təriflədilər və sonra çəkib aparmaq istədikdə, Məşədi Kazım ağanın faytonçusu atların cilovunu onların əlindən almaq istədi, onlar qamçını çəkib faytonçunu vurmaq istərkən həyətdəki mühafizəçilər tökülüb atları onların əlindən aldılar. Kürdlər məsələnin ciddi şəkil aldığını gördükdə əllərini silaha atdılar. Mən bu vəziyyəti görürkən kürdləri tərk-silah etdirib həyətdən dışarı qovdurdum. İşin böyüməsi şübhəsiz idi, bunu nə Helmi bəy, nə də Hacı Mirzağa Bülluri bizə bağışlamayacaqdı, onlar silahları almaq və bizi həbsə aldırmaq üçün qüvvə göndərəcəkdi. Məşədi Kazım ağa özünü itirmişdi, onun bu həyəcanı Ninanı və özünün ailəsini də qorxudurdu, onun gəlinləri Sənubər və Töhfə xanımlar da Ninanın ətrafına toplanıb ağlayır və titrəyirdilər. Bir kərə Məşədi Kazım ağaya qışqırıb: – Özünü ələ al! – dedikdə o özünü yığışdırdı. Otağa girdim. Onlar məndən həyəcanlarını gizlətdilər, mən əvvəlcə Ninaya nəsihət verdim: – Biz bundan da çətin günlər görmüşük, yenə də özümüzü itirməmişik. Nina titrək bir səslə cavab verdi: – O zaman düşməni şəhərə buraxmamışdıq, indi isə düşmən şəhərin içərisindədir. O bizimlə öz bildiyi kimi rəftar edəcəkdir. – Biz də onlarla öz bildiyimiz kimi rəftar edəcəyik, qorxmaq lazım deyil! – Sonra da Məşədi Kazım ağanı içəri çağırıb qəlbini ələ almaq istədim və xidmətçiyə: – Məşədi üçün bir qəlyan gətirin! dedim. Onun qismən kefi açıldı. Oturub qəlyan çəkməyə başladı, özüm də bir stəkan çay içdim. Lakin Ninanın həyəcanı artırdı. O mənə müraciətlə: – Qoyun hər nə istəyirlər aparsınlar. İki at nədir ki, onun üçün ixtilaf çıxardınız, – dedi. – Rica edirəm ixtilaf çıxarma, onlar səni məhv edərlər. – Nina, məsələ iki at məsələsi deyildir, at ixtilaf çıxarmaq üçün onların əlində bəhanədir, o böyük bir ixtilafın zəminəsidir. Qapı vuruldu, həyətdə ixtilaf çıxarmamaq və ailəni qorxutmamaq üçün məsələni küçədə həll etmək istədim, buna görə də özüm durub qapıya getdim. Qapını döyən bir nəfər türk zabiti, beş nəfər əsgər, iki nəfər də tərk-silah etdiyimiz kürd idi. Mən qapını açan kimi kürd məni zabitə göstərib: – Budur, - dedi. Zabit məni ayağımdan başıma qədər yoxlayandan sonra çox acıqlı: – Oğlan, karata hərif, əcəmliyini göstərdinmi? Sənmi məhəmmədcikləril tərk-silah etmək cəsarətində bulundun? O məndən cavab gözləyirdi, mən heç də tərəddüd etmədən: – Karata hərif dediyin söz öz adınız və familiyanızdır, məhəmmədcikləri tərk-silah etmək məsələsinə gəldikdə, biz danışarıq, dörd nəfər ədəbsizi, qarətçini tərk-silah etmişik. Zabit mənim ona bir «əcəmə kimi yox, öz hüququnu müdafiəyə qalxan bir insan kimi cavab verdiyimi görüncə: – Oğlan, evində konsulxanada çalışan gavuru saxladığın yetmədimi, xəlifə ordusu nəfərlərinə də təcavüz etdin?l – dedikdən sonra yanındakılara qışqırdı: – Haydı, alın bu hərifi! Tez! O gavur qızını da Ərkan paşanın yanına götürün! İki nəfər əsgər mənim qollarımdan tutmaq istədikdə üç nəfər də içəri soxulub Ninanı çəkib aparmaq üçün həyətə girdi. Bu vaxt bizimkilər onları tamamilə mühasirəyə alıb tərk-silah etdi, mən zabitin qılınc və tapançasını özünə qaytarıb dedim: – Get, bir də belə ədəbsizlik etmə! Siz Təbrizə nicat vermək üçün gəldiyinizi söyləmişdiniz, sözünüzün üstündə də durun, get bunu Ərkan paşaya və sizi bura göndərənlərə də xəbər ver! Zabit heç bir söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi. Evin ətrafında və küçələrdə lazımi qədər silahlı adamlarımız gəzirdi, evə bir hadisə üz verməyəcəyindən əmin idim, çünki Mirzağa və Helmi bəy artıq bizim sərəncamımızda kifayət qədər silahlı qüvvə olduğunu bilmişdi, mən faytonçuya müraciətlə: – Faytonu qoş! – dedim, – hücrəyə getməliyik, evdə qalmağın heç də lüzumu yoxdur. – Bəs evdəkilər? – deyə Məşədi Kazım ağa soruşdu. – Bəlkə, onlar qoşun gətirib evi basmağa gəldilər? – Onlar bunu bacarmaz. Bizim silahlı qüvvəmiz müntəzəmdir, mütəşəkkildir, dəstəmizdə Təbriz inqilabında imtahan vermiş adamlar çoxdur. Xalq da bizim arxamızdadır. Biz Helmi bəy və İbrahim Fovzinin özlərinə hiss etdirmədən, onların yaşadığı binaları və ərkan-hərbin yerləşdiyi otaqları, habelə qoşunun yerləşdiyi yerləri mühasirəyə almışıq, hərgah on nəfərdən artıq adam şəhərə çıxmaq istəsə, dərhal bizim adamlar tərəfindən tərk-silah olunacaqdır. Sən qorxma, hərgah biz istəsək bu günün özündə onları döyüb şəhərdən çıxara bilərik. Məşədi Kazım ağa cürətləndi, faytona oturub hücrəyə gəldik. Bizim evdə baş verən hadisədən sonra hər kəs qaçıb evinə soxulmuşdu, küçələrdə çox az adam görünürdü. Hücrəni açıb oturduq, bir nəfər də olsa qapını açıb içəri girmədi, ancaq Quluzadə gəlib sərdar Rəşidin ərkan-hərbə və Helmi bəyin mənzilinə getdiyini, Mirzağa və Kəblə Hüseyn Fişəngçinin də faytonla ora gəldiklərini və sərdar Rəşidin qapısındakıların bizim həyətdə baş vermiş hadisələr haqqında söhbət etdiklərini xəbər verdi. Saat 4-də faytonçu gəlib bizi evə aparmaq istədikdə Məşədi Kazim tələsik ona sual verdi: – Gədə, evə gələn olmadı ki? – Xeyr, heç kəs gəlmədi, o gedən qardaşlardır ki, getdilər. Biz hələ faytona oturmamışdıq, bir nəfər uşaq mənə yanaşaraq bir məktub uzatdı. Mən məktuba baxmadan məktub gətirən uşağa diqqətlə baxdım, onu tanıdım, o, vaxtı ilə amerikalı miss Hannanın yanında xidmət edən təbrizli uşaq idi. Bundan sonra məktubun üstünü oxudum, xətt miss Hannanın xətti idi. «Mənim dostum, öz evimdəyəm, axşam saat doqquzda yolunu gözləyəcəyəm. Miss Hannaə. Amerikalı qızın məktubunu cibimə qoyub faytona oturdum. €O nə üçün Təbrizə gəlmişdir? – deyə öz-özümə sual verdim. – Əcəba rusların həmişəlik olaraq Təbrizdən getdiklərinimi hiss edərək, bu qarğaşalı şəhərə qayıtdı?1 Bəlkə də, onu almanlar yenə də öz əski casusluq vəzifəsinə qaytarmışdır? Yaxud o, fürsətdən istifadə edərək Təbrizdə buraxdığı şeylərini aparmağa gəlib?) Mən öz-özümə bu sualları verdikdən sonra xəyalıma belə bir cava» gəldi: «Bəlkə də, qız Kürdüstanda, Anadoluda yaşaya bilməmiş və mənim dostluğuma istinad edərək Təbrizə qayıtmaq istəmişdimə. Evə gəldik, hər kəs yaslı adam kimi bir tərəfdə qısılıb oturmuşdu, cınqırını çəkən yox idi, Nina da bir tərəfdə başını əlləri arasına alıb oturmuşdu. Ən qabaqca Məşədi Kazım ağa danışdı. O bizim böyük bir qüvvətə malik olduğumuzu bildikdən sonra qəhrəmanlaşmışdı. O, Ninanın yanına gəlib onun saçlarını sığallayaraq dedi: – Nədən qorxursan, Nina xanım?1 Qorxma, hələ Məşədi Kazım ölməmişdir! Biz bu papağı başımıza isti-soyuqdan ötrü qoymamışıq, sizin başınızdan bir tük əskik olsa, Təbrizi dağıdaram! Məşədi Kazımın xoruzlanmasından ən əvvəl arvadı, gəlinləri, sonra da Nina güldü, çünki onun qorxaqlığını hamı bilirdi. Ninanın dili açıldı, o da danışaraq məni tənqid etdi: – Yüz kərə sənə dedim ki, gəl buradan gedək, qulaq asmadın. De görüm axı bizim burada nə işimiz var idi? Biz bütün ömrümüzü İrandamı keçirməliyik? Hərgah müharibəni sevirdinsə, Rusiyada çar hökumətinə qarşı mübarizə aparanlara qoşula bilməzdinmi? Məşədi Kazım ağa arada ixtilaf çıxacağından qorxurdu, o aralığa başqa söhbət atmağa çalışırdı. – Həyətə girmək istəyən kürdləri özüm tutub baş-başa vurmaq istəyirdim. Amma Həsənağa qoçaq mənə macal vermədi, – dedikdə yenə də evdəkilər güldü. Həsənağa isə: – Mən bu fikrin sizin ürəyinizdən olduğunu o saatda hiss etdim, hətta bu fikrin sizdə olduğunu əllərinizin və bütün bədəninizin titrəməsi də göstərirdi, nə edəydim, bu fikir məndə də var idi, bunun üçün də sizə macal vermədim. Bu sözə Həsənağanın bacıları və onların ərləri daha artıq güldülər. Ninanın rəngi dəyişdi, o, bütün ailənin bir yerə yığıldığını gördüyü üçün də özündəki həyəcanları unutdu. Mən onun sakit olduğunu görəndən sonra: – Mənim qorxmaz və yorulmaz dostum! – dedim. - Burada aparılan mübarizə daha mühüm bir mübarizədir. Bizim Rusiyadakı Beşinci il inqilabı bütün Asiyada bir inqilab hərəkatı yaratmışdır, biz həmin inqilabın böyüməsi və kütlələrin öz istismarçılarına qarşı qaldırılması uğrunda başladığımız mübarizəni davam etdirməliyik. Mənə cavab ver! İşi yarımçıq qoyub getmək yarardımı? Nina çox fikirdən sonra yavaşdan dedi: – Xeyr, yaramazdıl Məşədi Kazım ağanın böyük salonunda əlli nəfər üçün nahar süfrəsi açılmışdı. Camaat hələ süfrə başına getmədən qapı vuruldu. Tütünçüoğlu qapıya getdi, bir azdan qayıdıb yenə də bir nəfər zabitlə dörd nəfər əsgərin gəldiyini, Helmi bəydən məktub gətirdiklərini və məktubu şəxsən mənim özümə vermək istədiklərini söylədi. İçəri girmələrinə icazə verdim. Azdan sonra gələn əsgərlər həyətdə durdu, zabit əlində məktub otağa girdi. O, hərbi vəziyyət alaraq, əlini qulağına qaldırdı, ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı və: – Komandan paşa həzrətləri göndərmişdir! – deyərək, dönüb getdi. Məktubun məzmunu vaxtilə Mirzağa Büllurinin mənə dediyi sözlərin məzmunundan ibarət idi. Onların heç bir şey fikrində deyildi, ancaq Təbrizdə azad hərəkət imkanı əldə etməyə çalışırdılar. Məktubda buna dair uzun cümlələr var idi. Şübhəsizdir ki, bu məktubu Helmi yox, Mirzağa Bülluri və Hüseyn Fişəngçi yazmışdı. dHörmətli Əbülhəsənbəyl Xəlifeyi-ruyi-zəminin sayiyi-mərhəməti-vayəsi, dini-mübiniislamın təyidati-rəbbaniyyəsi nəticəsində kəndimizin bir ovuc qüvvəti ilə Moskovunl qocaman bir qüvvətini məğlub etdik. Məəltəəssüf, islamın nicat və səadəti üçün kəndi varlığını qurban vermək üçün gələn ordumuz Təbriz islamları tərəfindən bir islam kimi qarşılanmadı, biləks məhəmmədciklərimiz döyüldü və təhqir edildi. Xəlifə ordusu üçün əhalidən nəqliyyat vasitələri toplanıldığı zaman sizin adamlarınız da məhəmmədciklərdən dörd nəfərini döyüb, tərk-silah etmişlər. Bu cinayətdə sizin özünüz də iştirak eləmişsiniz. Bu hadisəni təhqiq etmək üçün gələn mülazim-əvvəl Qədri bəy də məiyyəti ilə bərabər təhqir olunmuş və tərəfinizdən tərk-silah edilmişdir. İslam və ordu şərəfinə toxunan bu namussuzluğu təsviyə etmək üçün cinayətdə iştirak edənləri divani-hərbə vermək qərarını çıxarmışıq. Onları öz əlinizlə tutub hərbi səhra məhkəməsinin ixtiyarına veməyinizi əmr edirəm! Əliniz altında olan silahlı fəsadçı qüvvətləri tərk-silah etmək, silahları isə ordu nümayəndələrinə təslim vermək üçün sizə 24 saat vaxt verirəm. Müəyyən edilən saatlar içərisində yuxarıdakı tələblərə əməl olunmazsa, hərəkətiniz xəlifə ordusuna qarşı təcavüz hesab edildiyi üçün özünüz hərbi səhra məhkəməsi tərəfindən edam ediləcək, əmlakınız müsadirə olunacaqdır. Helmi». Otaqdakılar məktubun məzmunu ilə çox maraqlanırdı, mən onun qısa məzmununu onlara söylədim. Onun bu təhdidləri həyata keçirmək üçün qüvvəsiz olduğunu da əlavə etdim. Helmi bəy Hacı Mirzağa Bülluri tərəfindən özünə verilən vədlərə inanır və Azərbaycan xanlarının bu qüvvəyə qoşulacağını gözləyirdi. Lakin bu xəyal baş tutmayacaqdı. Otaqdakılar qorxu hiss etmədən süfrə başına keçdilər. Ələkbər yoldaş Ninanın bir tərəfində, Məşədi Kazım ağa isə o biri tərəfində oturub danışır, gülür və onu məşğul edirdilər. Süfrə başında oturan əlli nəfərin hər birisi bir cür söhbət edir, başqa bir sərgüzəştdən danışırdı. Yemək bitdi. Hər kəs oturub baxırdı. Mən onlara müraciətlə: – İndi durub gedib rahat olun, mən də Helminin məktubuna cavab yazacağam, – dedikdə hamıdan qabaq Nina ilə Təhminə xanim Məcidlə bərabər qalxıb getdilər, mən də öz yazı otağıma qayıdıb Helminin bir yığın təhdiddən ibarət olan məktubuna cavab yazmaq üçün düşünməyə başladım. Mən öz cavabımda onun təhdidlərinin əsassız və bizə atdığı töhmətlərin uydurma olduğunu göstərməli idim.Bu məktub onlarla bizim aramızda baş verən ixtilafa son qoymalı idi, onlar bir kərə bizim onlara təslim olmayacağımızı bu cavabdan anlamalı idilər. Məktubu yazıb inqilab komitəsinin iclasında müzakirəyə qoydum, yoldaşlar çox razı qaldılar, artırıb əskildəndən sonra Helmi bəyə belə bir cavab göndərdik: eMöhtərəm Helmi bəy! Lütfən göndərdiyiniz məktubu aldım, məktubun məzmununa təəccüb etdim. Zənnimə görə, bu məktub başqasına göndərilməli ikən, bir səhv olaraq, mənə göndərilmişdir, çünki biz heç bir vaxt xəlifə ordusunun qalib gəlməsi üçün maneə törətməmişik. Mən şəxsən hazırkı hadisələrdən çox kənardayam. Bunu Hacı Mirzağa Bülluriyə də birinci gündə demişəm. Mən heç bir firqəyə də mənsub deyiləm, çünki ticarət adamıyam, siyasi işlərlə o qədər tanış deyiləm. Mənim neçə ildən bəri Təbrizdə yaşadığımı və heç bir siyasi işə qarışmadığımı hazırkı Azərbaycan valisi, daha açığı sizin sərəncamınızda olan sərdar Rəşiddən xəbər ala bilərsiniz. Təbriz xalqının sizi lazımınca qəbul və istiqbal etmədiyinə gəldikdə, burada məni töhmətləndirməyə haqlı deyilsiniz. Bu sizin nicat? verməyə gəldiyiniz xalqa qarşı aldığınız fəna hərəkətlərlə əlaqədardır. Hələ siz Təbrizə gəlmədən əvvəl Savucbulaq, Miyanda» və Marağa şəhərlərinin qarət olunması, sizin «nicatə dediyiniz kəlmənin mənasını lazımi qədər Təbriz xalqına izah etdi. İndi bir az da sizin adamlarınızın döyülməsi və tərk-silah edilməsindən danışaq. Sizin adamlarınız bir dövlət ordusunun nəfərləri kimi yox, bir nizami əsgər kimi də yox, dörd nəfər qarətçi və fəsadçı kimi döyülmüşvə tərk-silah edilmişlər, çünki nizami ordu nəfəri heç bir əmrnamə olmadan və əsgəri komisyonun elan etdiyi qərar meydanda olmadan xalqın tövləsinə girib atını, faytonunu çəkib aparmaz. Zabitin təhqir edilməsinə də belə bir mənanı verə bilərsiniz. Evlərdən qadın çəkib aparan və mədəni əsrə yaraşmayan hərəkətlərə imkan verənlər hər kəs olursa-olsun cəzalandırılmalıdır. Biz isə yalnız onları tərk-silah etməklə kifayətlənmişik. Hərgah bu kimi hadisələr davam edərsə, biz həmin «əzanın şəklini dəyişdirəcək, onları başqa cür cəzalandıracağıq. Bizim əlimizin altında olan silahlı fəsadçılarınə tərk-silah edilməsi haqqındakı tələbinizə gəldikdə, aşağıdakı sözləri deməyə məcburam: Bizim əlimizin altında fəsadçı və silahlı qüvvələr yoxdur, hərgah belələri varsa, onlar da fəsadçı deyillər, onlar öz namusunu hər bir uyğunsuz ehtimala qarşı müdafiə etməyə hazır olan yerli xalqdan ibarətdir. Hərgah belələri varsa, onlar uzun illərdən bəri çar istilasına və İran şahının üsuli-idarəsinə qarşı silahlı mübarizə edənlərdir, onlar inqilabçı təbrizlilərdir. Hərgah sizin qaba hərəkətiniz davam edərsə, onlar öz silahını sizə qarşı da çevirə bilər. Xəlifə ordusuna xəyanət barəsində yazdığınız cümlələrə cavab olaraq bunu deyə bilərəm: Siz heç vaxt bu adla müvəffəqiyyət qazana bilməyəcəksiniz, çünki sizin başınızda gələn dəstədə namuslu və mədəni bir ordu siması yoxdur, bunu özünüz də bilirsiniz. Edam məsələsinə gəldikdə, bu təhdid cavaba layiq deyilsə də, yenə bir neçə söz yazmaq istərdim: siz Novça, Savucbulaq, Süleymaniyyə və Kərkük qarətçilərinə arxalanaraq heç vaxt inqilabçı Təbrizi özünüzə təslim etdirə bilməzsiniz! Onların gücü ilə heç bir kəsi də edam etdirə bilməzsiniz. Bir daha təkrar olunmamaq şərti ilə adamlarınızı göndərib tərk-silah olunan kürdlərin silahlarını apara bilərsiniz. Əbülhəsənbəy. 20 dekabr 1914”. Axşam saat 7-də iclas çağırmışdıq. İclasın gündəlik müzakirəsində yalnız bircə məsələ dururdu ki, o da sərdar Rəşidin ikiüzlü siyasət aparması məsələsindən ibarət idi. Sərdar Rəşid Təbrizdə rus təbəəsini və erməniləri qarət etdirmək üçün Helminin və Mirzağa Büllurinin tədbirlərini həyata keçirməyə və Təbriz xalqını da bu xəyanətdə iştirak etdirməyə hazırlanırdı. Bu olduqca böyük bir xəyanət idi. Bunun nəticəsində yenə də Təbriz xalqı çar hökumətinin intiqamı qarşısında qala bilərdi. Buna görə də çağırdığımız iclas sərdar Rəşidə xəbərdarlıq məktubu göndərmək üçün idi. İclas sərdar Rəşidə belə bir məktub göndərməyi qərara aldı: «Azərbaycan valisi sərdar Rəşidə! Cənab vali! Sənin apardığın ikiüzlü siyasət Təbriz xalqının təzə fəlakətlərə düşməsinə səbəb ola bilər. Sənin Təbrizə girən qarətçilərlə olan əlaqən, Təbriz xalqını çar ordusunun intiqamı qarşısında qoya bilər. Bu gündən etibarən sənə xəbərdarlıq edirik: Sən heç bir vaxt İran nümayəndəsi olaraq Təbriz xalqının tərəfindən danışmayacaqsan. Təbriz xalqı ilə qarətçi dəstə arasında əlaqə düzəltmək barəsində heç bir təşəbbüs göstərməyəcəksən. İran hökumətinə məxsus əmlakın və hökumətə aid silahların qarətçi dəstələr əlinə düşməsinə imkan verməyəcəksən. Qarətçi dəstənin ermənilər və rus təbəəsi talanına dair tədbirlərinə kömək göstərməyəcəksən. İran təbəələrinin Rusiya konsulxanasına qarşı mövcud olan bitərəfliyini pozmayacaqsan. Bu göstərişlər yerinə yetirilmədiyi təqdirdə edam ediləcəksənl İnqilab kolmitəsib. kokok Miss Hanna gündüz məktub göndərib məni axşam saat doqquza öz evinə dəvət etmişdi, bununla kifayətlənməyərək o yenə də bir məktub göndərib yazırdı: 4Bu saatda bizə gəlməlisən, çox lazımlı iş vardır. Təxir etmək təhlükəyə səbəb ola bilər. Miss Hannaə. Axşam saat 9-da evdən çıxdım, faytona oturdum, yanımda olan bir çox yoldaşlarla bərabər Ermənistan tərəflərinə yola düşdüm. Erməni məhləsinə hücum etmək üçün Helmi bəyin hazırlığını bilirdim, buna görə də erməni xalqı başçılarına xəbər verib müdafiəyə hazır olmalarını tapşırmışdım. Onların müdafiə tədbirlərini yoxlamaq istəyirdim. Hər tərəfi yoxladıqdan sonra müdafiə hazırlığının kafi olduğunu təyin etdik və Helminin mənə yazdığı məktubu erməni yoldaşlarla oxuduqda Helmi bəyin onlara da bir məktub yazdığı meydana çıxdı. Məktub erməni keşişinə yazılmışdı. «Po» əfəndi! Yarın saat iki radələrində erməni tüccar və erməni əyanları ilə bərabər ərkan-hərb yerləşən binaya tərəf təşrif gətirməlisiniz. Burada erməni xalqının gələcəkdə Təbrizdə yaşaması üçün bəzi aydın olmayan məsələləri həll edəcəyiz. Helmiə. Erməni keşişi bu məktubu aldıqdan sonra erməni tacirləri və erməni əyanlarına məktub göndərib çağırmış və sabah duz-çörəklə Helmi bəyin yanına getməyi qərara almışdı. Mən məktubu oxuyub onlara qaytardım və əlavə olaraq tapşırdım: – Onun yanına getmək lazım deyil. Siz onların yanına gedən kimi sizi həbs edəcək və istədiyini aldıqdan sonra yenə də sizi azad edib-etməyəcəyi şübhəlidir. Hacı Mehdi Kuzəkünaninin başına gətirənləri sizin də başınıza gətirəcəkdir. Getməyin, o sizə heç bir şey edə bilməz. Lazım olduğu zaman müdafiə komitəsi sizə kömək verər. Kiçik iclasda Arşak da danışdı. Arşak öz çıxışında ən mühüm bir məsələni qeyd edərək dedi: – Erməni məhəlləsi özünü müdafiəyə hazırdır, ümumtəbriz müdafiə qüvvəsi ilə sıxı əlaqədədir. Mütaqabil köməklik hər zaman mümkündür, məsələ daşnakların bu işdə iştirak etməsi məsələsidir. Onlar iki yüz nəfərdən ibarət bir silahlı dəstə düzəltmişlər, bizim müdafiə qüvvəmizin vahid təşkilatına da tabe olmaq istəmirlər. Onlar sabah öz silahlı qüvvələrini nümayiş etdirmək istəyirlər. Daşnakların bu hərəkətindən böyük bir fitnənin zəminəsi görünür. Hazırda onlar kilsəyə yığışıb sabahkı çıxışları haqqında müzakirə aparırlar. Mənim aldığım xəbərlərə görə, yerli hökumət də daşnaklara kömək verəcəyini bildirmişdir. Arşak sözünü bitirdi. Mən çox acıqlandım. Arşak cürbəcür adamlar olan bu iclasda daşnaklar barəsindəki bu fikri açmamalı idi. Burada olan tacirlər bir saat keçmədən bu xəbəri daşnakların ştabına xəbər verəcək və bütün planları alt-üst eləyəcəkdi. Arşak özü də səhv etdiyini dərhal hiss elədi və mənə pıçıldayaraq: – Qardaşım, ondan keçibdir. Bu barədə fikrin nədir? İclasda bizim üçün yad sayılan ancaq səkkiz nəfərdir, – dedikdə mən: – Adlarını yaz qoy qabağıma! – dedim. İclas davam edirdi, cürbəcür fikirlər meydana atılmışdı. Lakin bu fikirlərin heç birisi cErmənistanpı gözlədiyi təhlükədən qurtara bilməzdi. İclas bitdi. İclasda iyirmi nəfər adam var idi. Arşak onlardan səkkiz nəfərinin adını yazıb qabağıma qoymuşdu, lakin mən başqalarına da inanmırdım, buna görə də Arşaka dedim: – Burada olanların hamısını bir neçə saatlığa burada saxlamaq lazımdır. Onu bacara bilərsənmi? Arşak heç düşünmədən soruşdu: – Bu sənin üçün lazımdırmı? – Mənim üçün yox, Təbrizdəki ermənilərin nicatı üçün lazımdır. Bu sözdən sonra Arşak iclasdakılara müraciətlə: – Yoldaşlar və ağalardan rica edirəm heç birisi durub getməsinlər, çünki daha başqa məsələlər vardır. Məruzəçi yoldaşlar bir az yubanmışdır. Özünüz bilirsiniz ki, bu gecələr mühüm gecələrdir. Erməni xalqı üçün hər bir zaman qorxu gözlənilir. Zəhmət də olsa, bir neçə saatlığa dözməyiniz lazımdır. İclas Arşakın öz evində idi, iclasdakıları məşğul etmək üçün çay, qəlyan və yemək hazırlanması üçün əmr verdi. Hisedilməz halda orada bir neçə nəfər qarovul qoyub Arşakla bərabər dışarı çıxdım. Birbaşa müdafiə komitəsinin otağına getdik. Komitə üzvlərini bir neçə dəqiqənin içində bir yerə yığdılar, daşnakların sabahkı hərəkətləri haqqındakı xəbərləri müzakirəyə qoyduq. Mən: – Bu saatda biz erməni tacirləri ilə görüşdük. Onların Helmi bəyin yanına getməmələrini tapşırdıq, – dedim. – Onlar buna razı oldular. Lakin məsələ bununla bitmir. Daşnakların məsələsi fitnənin əsas mərkəzini təşkil edir. Müdafiə komitəsi üzvləri də bunu təsdiq etdilər. Bir neçə dəqiqəlik müzakirədən sonra daşnakları kilsədəki iclasda həbsə almaq, kilsədən dışarı buraxmamaq və ştablarını işğal etmək, gecə ikən onların evlərində axtarış edib silahları yığmaq, kilsədə olan rəhbərləri həbs etmək, başqalarını isə evlərinə buraxmağı qərara aldıq. “kk Gecə saat üç idi. Daşnak rəhbərləri tamamilə erməni inqilabçı gəncləri tərəfindən tərk-silah olunaraq həbsə alınmışdı. Daşnak ştabında ələ keçən vəsiqələr içərisində sərdar Rəşidin xəyanətinə dair vəsiqələr də var idi. Gecə saat üç olduğuna baxmayaraq, cErmənistanpdakı ailələrdən heç birisi yatmamışdı, küçələrdə müdafiə komitəsinin təşkil etdiyi silahlı erməni gəncləri və onlara kömək üçün baş müdafiə komitəsindən təyin edilən azərbaycanlı gənclər gəzirdi. Təbrizdə qalan ruslar və sairələr də tamamilə bu məhləyə köçmüşdü. Biz gecə ikən Arşakla bərabər onların mənzillərini nəzərdən keçirdik. Onlar xüsusi evlərdə yox, müxtəlif ailələrdə yerləşdirilmişdi. Mənzilləri yoxladığımız zaman Yelena Konstantinovnanın ailəsini də nəzərdən keçirdik. Onlar da yatmamışdı, evlərinə qonaq verilən bir neçə rus qadını və rus uşaqları ilə bərabər oturub titrəyirdilər. Onlara ürək verib çıxdıq, yoldaşlarla bərabər faytona oturub evə qayıtmaq istərkən amerikalı qızın evinə getmək lazım olduğunu xatırladım. Saat üçdür, indi hara getmək olar? Lakin onun ikinci məktubunda eMühüm bir iş vardırə – deyə yazdığı məni şübhələndirdi, onun evinə getməyi qərara aldım. Amerikalı qızın qapısını vurdum, bir azdan sonra miss Hannanın qoca qulluqçusunun səsi gəldi: – Kimdir qapını vuran? – Mənəm, madam, qapını açın! Kiçik xanımla görüşməyə gəlmişəm. - dedikdə məni tanıdı, qapını açdı, sevindiyindən salamımı ağlaya-ağlaya aldı. Əlini sıxıb kefini xəbər aldım. Yuxarı çıxdıqda miss Hannanın məni balkonda oturub gözlədiyini gördüm. * * * Miss Hanna Miss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı. Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula: – Mən bütün günləri sənin üçün düşünürdüm, - dedi, – bilmirəm sən də mənim üçün düşünür və məni xatırlayırdınmı? – Səni xatırlayırdım, – dedim, – hətta çox təəssüflə xatırlayırdım. Sənin alman-rus intriqasına qoşulduğundan da ürəyim ağrıyırdı, sən heç vaxt öhdənə bu vəzifəni götürməməli idin. Sən gözəl, gənc, munis, məşğuledici, ədəbli və mədəni bir qızsan. Dünyada sənin tanışın, dostun olmaqdan da böyük bir səadət yox idi. Mən səninlə Livarcan yaylasında keçirdiyim günlərin bir dəqiqəsini bütün Almanıyanın zənginliyi ilə dəyişmərəm. Mən sənə səmimi suallar verib, səmimi cavablar aldığım dəqiqələri xatırladıqda özümün o zaman nə qədər xoşbəxt olduğumu düşünürdüm. Lakin sənin getdiyin əyri yollar mənim müsbət xatirələrimin üzərinə bir xətt çəkdi. Hazırda mən səninlə danışan zaman özümü həmin mehriban və səmimi qızın qarşısında yox, mənə boyalı və iki mənalı kəlmələr satan bir alman casusunun qabağında görüb öz-özümə utanıram. Bu sözlərimdən miss Hanna bərk tutuldu və rəngi qızardı, yalvarıcı bir surətdə dedi: – Sizcə, bir alman qızının ana vətəninə göstərdiyi xidmətə casusluq demək caizdirmi? Tutaq ki, mən bir casusam, casusun qəlbində öz istəklisini sevmək duyğusu olmazmı? Casusun qəlbi öz sevgilisi üçün döyünməzmi? Tutaq ki, mən casusam, bu mənim öz vətənim uğrunda öhdəmə götürdüyüm vəzifə deyilmi? – Mən bunun bir vəzifə olduğunu inkar etmirəm, casus qızın sevgisi olduğunu da təsdiq edirəm... Casus qızın qəlbi də öz sevgilisindən ötrü çırpına bilər. Lakin sevgi məsələsi ilə vəzifə məsələsini müqayisə etdiyimiz zaman, görürük ki, sevgi ikinci və bəlkə də, üçüncü dərəcəli məsələlər sırasında qalır, çünki həqiqi bir casus öz vəzifəsini sevgisinə qurban edə bilməz, hələ o casus bir alman qızı olursa, vəzifəsini daha da xmüqəddəsə bilər və onu hər şeydən lazımlı hesab edər, çünki almanlar hər millətdən artıq eqoistdirlər. Miss Hanna başını mənim çiynimə qoyaraq: – Fəlsəfəni burax, mənə inan, sənin bir qırıq tükünü bütün Almaniya ilə dəyişmərəm: yüzlərcə mühüm vəzifələr mənim sənə olan sədaqətlərimi poza bilməz. Mən gərək nə qədər namussuz bir qız olam ki, mənim haqqımda sənin göstərdiyin yaxşılıqları unudam və sənə xəyanət göstərəm. Məni son günlər çar Jandarmının əlindən xilas edən sən olmadınmı? – Doğrudur, mən səni çar fandarmının əlindən xilas etdim, lakin səni İran xalqının mənafeyinə zərbə vurmaq üçün qurtarmamışdım, mən səni İran xalqı əleyhinə düzələn bu son macərada iştirak etmək üçün müdafiə etməmişdim. Sən bu son avantüraya qoşulmamalı idin, bunun üçün də səni görürkən ürəyim ağrıyır və öz-özümə lənət edirəm. Miss Hanna bu sözlərdən təkan yedi və özünü düzəldib soruşdu: – İftira və böhtan deməyi mən buradan gedəndən sonramı öyrəndin? De görüm mən İran xalqı əleyhinə düzəlmiş hansı bir avantürada iştirak etmişəm? Onu mənə göstərə bilərsənmi? Əcəba, mən sənin sevdiyin xalqın düşməniyəmmi? Mən İranın azadlığını məhv etmək istəyən çar hökuməti ilə düşmən deyiləmmi? – Mən sənə bir sual verəcəyəm, buna bir casus kimi yox, bir sevgili dost kimi cavab verməlisən. Sən bilməlisən ki, mənim sənə olan hörmətim dərin bir sevginin məhsuludur. Bu hörmət və bu sevgini nəzərə alaraq mənim sualıma səmimi cavab verməlisən! – Bütün vicdanımla, bütün varlığımla sənə and içirəm, sənin sualına bir dost kimi cavab verəcəyəm. – Mənə de görüm, İran xalqını dünya müharibəsi macərasına cəlb etmək, gələcəkdə onu dünya xəritəsindən silmək deyildirmi? Bu məqsədin həyata keçməsinə çalışanlar xain və avantüraçı deyildirmi? Bu məqsədin həyata keçməsində bilvasitə və bilavasitə iştirak edənlər xain və avantüraçı sayılmırlarmı? Qız başını yerə dikdi, düşünməyə başladı. Onun bütün görünüşü və baxışları özünün bu sualıma cavab verməkdə çətinlik çəkdiyini bildirirdi. Məncə, o öz vicdanı qarşısında öz sevgisi ilə vəzifəsini bir yerə qoyub müqayisə edirdi: qız onların heç birisini rədd edə bilmirdi, çünki bunların hər ikisi onun üçün qiymətli idi. O, çox fikirləşdikdən sonra bir daha başını yuxarı qaldırıb məni ayağımdan başıma qədər gözdən keçirdi və nəhayət: – Bəli, İran xalqını bu avantüraya cəlb etmək xəyanətdir, ingilis və rus istilasını dərinləşdirməkdir, – dedikdə mən əlimi onun saçlarında gəzdirərək: – İndi ki, bu təşəbbüs bir parça xəyanətdən ibarətdir, onda bəs nə üçün mənim əziz dostum burada iştirak edir? Məgər sən hazırda Təbrizə gələn bu dəstənin məqsədini bilmirsənmi? Cavab ver!.. – Nə üçün bilmirəm! – Bildiyin halda da iştirak edirsən, eləmi? Amerikalı qız bu sözdən sonra danışmadı. O, hönkür-hönkür ağlayırdı, köksünü çəkirdi, o, həyatından iyrənmiş bir adam kimi teztez: KAh ana, məni nə üçün doğdun?) – deyərək göz yaşı tökürdü. Mən onun heç vaxt belə bir şiddətlə ağladığını görmədiyim üçün təəccüb edirdim. Bu ağlamaq onun acizliyini və həyat istiqamətini itirdiyini göstərirdi. Onun ümidləri hər tərəfdən sarsılmışdı, bir tərəfdən mənim yanımda öz köhnə etibarını itirmiş, bir tərəfdən dünya müharibəsinin ən qarmaqarışıq yerinə düşmüşdü. O, rusların Təbrizə qayıdacağını bilirdi, o bir daha bu başıpozuq dəstəyə qoşulub Kürdüstana qayıtmaqdan qorxurdu, qızdır, həm də gözəl və hamının diqqətini cəlb edən bir qızdır! O, Təbrizdə də qala bilməyəcəkdi, o həm Amerika, həm də rus konsulxanası yanında xəyanətçi sayılırdı. Onun sanki bütün varlığı su olub gözünün çeşmələrindən axıb tökülürdü. Gözünün yaşı yaxalığımı və pencəyimin çiynini islatmışdı, onu sakit etmək üçün: – Sakit ol, – dedim, – ağlamaq insanın acizliyindən doğur. Sən ağıllı, bacarıqlı qızsan, düşdüyün fəna yoldan çəkilib xalqın rahatlığı üçün işləyə bilərsən, hələlik çox gəncsən, səhvlərini islah etmək üçün də imkan vardır. Gələcəkdə də dost olduğun adamlarla səmimi yaşamağa çalış, o zaman sənin üçün bütün çətinliklər asanlaşar. Dünya belə qalmayacaqdır: bir tərəf qalib, bir tərəf məğlub olduqdan sonra sakitlik olacaqdır, o zaman sən də özünə doğru bir yol seçər və bu çətinlikdən yaxanı qurtararsan. Qız bu söhbətlərimdən sonra başını çiynimdən qaldırıb ağlayaağlaya danışdı: – Mənə inan - dedi. – Mən birinci gün səninlə görüşdüyüm zaman səni səmimi və sadiq bir qız kimi sevdim. Sən bilirsən ki, mən Təbrizə bir elmi işçi olaraq tədqiqat üçün gəlmişdim. O zaman heç bir partiya və təşkilata mənsub deyildim. Sənə and içirəm, hazırkı çirkabın içərisinə özüm də hiss etmədən düşdüm. – İnsan özü hiss etmədən casusluq vəzifəsini öhdəsinə götürərmi? – And içirəm, mən bu vəzifəni özümü casus hiss etmədən ifa etməyə başladım, buna sənin sevgin səbəb oldu. – Mənim? – Bəli, sənin! Çünki sən bu hadisənin tarixindən xəbərdar deyilsən: bu tarixdən xəbərdar olduqda sonra mənim özümün hiss etmədən tora düşdüyümü təsdiq edəcəksən. Rica edirəm məni eşit! Qoy başıma gələnləri sənə danışım. – Danış, dinləyirəm, lakin rica edirəm ağlama! Bu sözümdə qız yanımdan durub içəri otağa keçdi, az sonra libasını dəyişmiş və tualetini düzəltmiş bir halda çıxıb yenə də yanımda oturdu və özünün casusluq tarixini söyləməyə başladı: – Mən bir elmi-tədqiqatçı kimi Təbrizə gəldikdən sonra alman konsulu məni bir neçə kərə öz evinə qonaq çağırdı. Onlar mənə böyük bir məhəbbət, hətta ata-ana məhəbbəti qədər qiymətli bir nəvaziş göstərdilər. Mən bu ehtiramı alman patriotluğu ilə əlaqədar bilərək onların evinə gedib-gəlməyə başladım. Konsulun arvadı məni öz qızı kimi köksünə basar və bəzən saçlarımı da sahmana salardı, mənim şad günlərim onların evində keçər, qəmlərimi də onlarla bölüşərdim. Mən onların öz övladı kimi olmuşdum, onların hər bir şeyləri mənim üçün açıq idi. Konsulun arvadı mənim rahat yaşamağım üçün bütün şəraiti düzəldər, hətta paltarlarıma qədər özü tikdirərdi. Onlar mənim Amerika konsulxanası ilə olan əlaqəmi bilirdi, mən özüm Amerika xeyriyyə cəmiyyətinin məsul işçisi olduğumu onlara söyləmişdim. Günün birində konsulun evində nahar yeməyinə dəvət edilmişdim. Onlar mənə amerika konsulxanasında işə girməyi və əlverişli bir vəzifə götürməyi məsləhət gördülər. Mən Amerika konsulxanasında özümə yaxşı bir xidmət təklif edildiyini onlara xəbər verdim, konsul çox şadlandı və: «Qızım, bu vəzifəni götür? – deyə mənim saçlarımı sığalladı. Konsulxanada xidmətə girəndən bir neçə gün sonra konsulun qoca arvadı mənim saçlarımdan öpərək həyat məsələmdən söhbət açdı, səni sevdiyimi ona xəbər verdim. Axşam idi, onlar məni şam yeməyinə saxladılar, şam süfrəsi başında konsulun arvadı mənim bir nəfər iranlıya bağlı olduğumu öz ərinə danışdı, əri isə mənə müraciətlə: ” Ayıq ol, qızım! – dedi. – Alman şərəfi hər adi şərqliyə satılacaq bir şərəf deyildir, sən Almaniyanın hər kəsdən və hər şeydən yüksək olduğunu bilməlisən. Bir də budur ki, həyat yoldaşı seçməkdə yanılmaq bütün həyatı uduzmaq deməkdir. Mən heç etibar etmirəm ki, Şərqdə bir alman qızına layiq şərəfli adam tapılsın. Buna görə də sən birinci növbədə alman şərəfinin ləkələnməməsinə çalışmalısan, çünki bu ləkə ümumi alman xalqına vurulan bir ləkə olub qalar. Onlar bu barədə çox uzun danışdılar, nəhayət, mən sizin bir avropalı qədər mədəni olduğunuzu, əxlaq və tərbiyə cəhətincə də bir avropalıdan seçilmədiyinizi, özünüzün də İran inqilabına hüsn-rəğbət bəslədiyinizi onlara təfsilən danışdım. Alman konsulu bu sözlərimdən razı qaldı, çox şadlandı, özünün də İran inqilabına hüsn-rəğbət bəslədiyini və imkan daxilində İran inqilabçılarına maddi və mənəvi kömək göstərmək istədiyini bir neçə kərə təkrar etdi. Konsul başqa bir gün yenə də məni öz yanına çağırıb bir çox məsələlərdən danışdıqdan sonra mənə bir daha tapşırdı: «İran inqilabının nəfinə və zərərinə olan bütün xəbərləri öz vaxtında tanış olduğun iranlıya xəbər verə, – dedi. Alman konsulu özünü həqiqi bir inqilabçı kimi göstərirdi, mən buna inandığım üçün Amerika konsulxanasında olan bəzi lazımlı xəbərləri də yazıb ona verirdim. Bizim konsul ailəsi ilə olan əlaqəmiz uzun müddət davam etdi. Həmin bu xidmətçi qadını xidmətçi qəbul etməyimi onlar mənə təklif etdi, lakin bu məhəbbət və bu ehtiramın həqiqi siması və yağlı sözlərin həqiqi mündəricəsi mənim üçün sonra aydın olmağa başladı, Bir gün alman konsulu məni öz yazı otağına çağırdı və mənə alman əks-kəşfiyyat dəstələri ilə əlaqə saxlamağımı təklif etdi. Mən qətiyyən etiraz etdim, casusluq vəzifəsini sevmədiyimi və bacarmadığımı söylədim. Alman konsulu mənim bu sözlərimdən bərk güldü və – Sadə qız, - dedi, – sən bir ildən artıqdır ki, alman əks-kəşfiyyatının məsul bir rəhbəri ilə bilavasitə əlaqədəsən və casusluq vəzifəsini layiqincə ifa etmisən. Amerika konsulxanasının bütün sirlərini bir casus kimi öz əlinlə yazıb bizə vermisən, indi casusluq vəzifəsi xoşuna gəlmir, eləmi?1 Konsul bunu deyərək əlini yazı stolunun yeşiyinə atdı və mənim əlimlə yazdığım bir çox məktubları çıxarıb göstərdi: – Bunlar nədir? – dedi. – Bunları sən yazmamısanmı? – Bəli mən yazmışam! – dedim. – Mən bunları sizə yazmışam. Konsul bir vəsiqə daha çıxarıb göstərdi, həmin vəsiqə onun İran Azərbaycanındakı əks-kəşfiyyat dəstələrinin rəhbəri olduğunu göstərirdi. Mən deyəcək bir söz tapa bilmədim, donub oturmuşdum, nəhayət, konsul yazılmış bir kağızı mənim yanıma qoyub: – Heç də düşünməyə gəlməz, - dedi. – İndi ki, sən alman şərəfinin, alman namusunun uğrunda mübarizə aparır və çalışırsan, o zaman bunu rəsmiyyətə salmaq lazımdır. Belə bir rəsmiyyət mövcud olursa, zəhmətlərin də vaxtında təqdir olunacaqdır. Biləks sizi Amerika konsulxanası yanında ifşa edərik. Mən boyun qaçıra bilmədim, iş-işdən keçmişdi. Vəsiqəni imza edib. rəsmən alman casusu oldum. Vəsiqəni imza etdikdən sonra konsul bir daha mənə müraciətlə: – Artıq bu gündən etibarən mənim evimə dolanmayacaqsan, lazimi vəsiqələri və topladığın məlumatı sənin yanına gələn adamlara verməlisən. Hər kəs sənin yanına gəlib S.C.D. əlamətli vəsiqəni göstərsə, ona məlumat verməlisən. Əlamətlər dəyişdirildiyi zaman sənə qabaqcadan xəbər veriləcəkdir. Mən alman konsulxanasından ağlaya-ağalaya çıxıb gəldim, ancaq özümə göstərilən hörmətlərin həqiqi mənasını o zaman anladım. Hazırda mən bütün dünyanın nəzərində ən mənfur bir adamam. Nə Amerikaya gedə bilərəm, nə Rusiyada yerim vardır, nə də İranda qalmağım mümkündür. İndi deyin görüm özümü məhv etməkdən başqa bir çarəm vardırmı?1 Mən bu sadə qızın casusluq toruna düşdüyünün tarixini öyrəndim, onun olduqca adi və hər kəs üçün mümkün ola bilən bir üsul ilə casusluğa cəlb edildiyini eşitdikdə heç təəccüblənmədim. Qız əvvəldən də inqilabçı bir qız deyildi, onun heç bir partiyaya mənsub olmadığı da mənə məlum idi, o özünün elmli və mədəni bir qız olduğuna baxmayaraq, başqa amerikalı və avropalı qızlar qədər Karl Marksı, Engelsi və onların sinfi məsələlərə dair nəzəriyyələrini belə lazımınca bilmirdi. Onu bir tərəfdən alman mənafeyinə xidmət etmək, o biri tərəfdən də məni razı salmaq üçün İran inqilabına hüsnrəğbət göstərmək məqsədləri sürükləyərək alman əks-kəşfiyyatının çirkabına salmışdı. Onun vəziyyəti, doğrudan da, acınacaqlı bir halda idi, buna görə də: – İntihar etməyi nicat üçün çarə düşünənlər səhv edirlər, – dedim, – intihar acizlik və bacarıqsızlığın acı bir məhsuludur. Ağıllı insanların bütün düşüncüləri ölmək üçün yox, yaşamaq üçündür. – Mən bacarıqlı olduğuma inanırdım. Lakin mən casusların, di»lomatların insanlarla oynadığı qorxulu rollardan xəbərdar deyildim, onlar məni çox tez əllərinə ala bildilər, məni çox asanlıqla doğru yoldan azdıra bildilər. – Bəzən insan özünü bacarıqlı hesab etməklə təhlükə altına qoya bilər. Lakin sənin böyük səhvin burasındadır ki, öz sirlərini ən yaxın adamından gizlətmişsən. Halbuki sən öz qiymətli olan qızlıq şərəfini mənə etibar edirdin, əcaba Almaniya konsulunun özü və ailəsi ilə olan əlaqəni mənə söyləyə bilməzdinmi? Sən bu uzun müddətdə məni tanıya bilməmişdinmi? – Bu barədə sənin də qüsurun vardır, çünki mənə inqilabçı bir gənc olduğunu xəbər vermədin, buna görə də inqilaba dair sirləri və materialları sənə verməkdən qorxurdum, bunu Almaniya konsulu da mənə tapşırmışdı. Sən məndən şübhələnmə, bir casus deyib məndən uzaqlaşma, mən bu yolun yolçusu deyiləm, bu yol mənim üçün tamamilə yaddır. İndi artıq özümü müdafiə etməkdən acizəm, səndən də ümidimi kəsmişəm, bilirəm ki, bir inqilabçı heç bir vaxt casus bir qızı müdafiə etmək istəməz. Sənə olan sevgi və sədaqətimə and içirəm ki, mənim əqidəm, vicdanım casus əqidəsi, casus vicdanı deyildir, mən məcburən və anlamadan bu çirkabın içərisinə düşmüşəm. Mənim sənin köməyinə ehtiyacım var, mən bir daha bu quldurlara qoşulub Təbrizdən qaçmaq istəmirəm, xəyalım intihar etməkdir. Hara gedim? Amerikalılara xəyanət etmişəm, rusların əleyhinə çalışmışam. Almaniyaya gedə bilmərəm, çünki casus olmaq istəmirəm. İranda da qalmaq mümkün deyil, çünki İran İranın deyil. Bəs mənim çarəm nədir? Mən amerikalı qıza inanmaq işində tərəddüd edirdim, çünki casusluğun əsas xüsusiyyətlərindən birisi də onun yalan deməyi və insanı inandırmağı bacarmasındadır. Mən qızın bir casus olaraq başqa dona girməsi, başqa rol oynamağa başlamasından qorxurdum, çünki mən bu qızın göz yaşlarını və huşsuz düşdüyünü bir çox zamanlar görmüşdüm, bütün bu cəhətlər mənim ona inanmamağıma ixtiyar verirdi. Ona kömək edib-etməyəcəyim barəsində heç bir qəti söz deyə bilmirdim. Lakin o, qorxaq, şübhəli və müntəzir gözlərini mənim ağzıma dikib cavab gözləyirdi. Mən bir qədər tərəddüd etdikdən sonra: – Hələlik sənin üçün burada bir təhlükə yoxdur, – dedim. – Təbrizdə yaşamağın mümkündürsə, vəziyyət dəyişdiyi zaman yenə də düşünərik hələlik məni bağışla, evə xəbər vermədiyim üçün nigaran qalarlar. Zaman qorxulu və təhlükəli zamandır! Bu sözləri deyib qalxmaq istədikdə, amerikalı qız çiyinlərimdən basaraq: – Otur, – dedi, – mən səni bura öz dərdlərimi demək üçün çağırmamışdım, sənin üçün böyük bir sui-qəsd hazırlanır, onun barəsində danışacaqdım. – Nə kimi sui-qəsd? – Sizin adamlarınız Helminin kürdlərini və zabitini tərk-silah və təhqir etmişdirmi? – Doğrudur, elə bir hadisə baş vermişdir. – Helmi bəyin müqəssirləri təslim etdirməyə dair yazdığı məktuba təhqiredici cavab yazmışsınızmı? – Doğrudur, elə də olmalı idi. – İndi isə məni eşit, hadisənin nə mərkəzdə olduğunu təyin elə! Hələ siz Helminin kürdlərini tərk-silah etməzdən də qabaq Mirzağa Bülluri sizin barənizdə Helmiyə yaxşı məlumat verməmişdi. Sizin Mirzağa Bülluriyə yazdığınız məktubu da görmüşəm. O məktubda Mirzağanın sizə yazdığı məktuba cavab verməmişdiniz. Buna görə də Mirzağa sizi Helmi bəyə lazımi qədər tanıtmış və sizin Təbrizdə qorxulu bir qüvvə olduğunuzu onlara söyləmişdir. Mirzağa son günlər Helmi bəyin ərkan-hərbinə sizin barənizdə belə bir məktub göndərmişdir. Məktubu mən özüm tərcümə edib Tehrandakı Almaniya missiyasına göndərmişəm, hazırda haman məktubun surətini sizə göstərmək üçün gətirmişəm. Qız bu sözdən sonra durub içəri otağa keçdi, azdan sonra məktubu gətirdi. «Möhtərəm Helmi bəy! Təbriz şəhərini işğal etdiyimiz bu az zaman içərisində bir çox zəhmətlər çəkdiyimizə baxmayaraq, təəssüf ki, hələ arzu olunan məqsədə nail ola bilməmişik, bizim təbliğatımıza qarşı qoyulan əks-təbliğat olduqca qüvvətlidir. Təbrizdə rusofillərin təbliğatından başqa bir də demokratların təbliğatı mövcuddur ki, bu təbliğat bütün xalqı bizdən ayırmağa müvəffəq olmuşdur. Mən Təbrizdə xalqın atına, qatırına və nəqliyyat vasitələrinə toxunulmasına tərəfdar deyildim, biz bunu beş-on nəfər tacir və varlının həbsə alınması ilə əldə edə bilərdik, məhəmmədciklərin evlərə soxulması və nəhayət, onların gizlin təşkilat tərəfindən döyülüb tərk-silah olunması əhalinin yüz faiz demokratlar tərəfinə keçmələrinə səbəb oldu. Hazırda onların nüfuzu rusların və Təbrizdə mövcud olan yerli hökumətin, həmçinin bizim qoşunun nüfuzundan daha artıqdır. Onların silahlı və müntəzəm qüvvələri də vardır, onlar yalnız özlərini deyil, cErmənistanəı da müdafiəyə söz vermiş, onları da təşkıl etmişlər. Nə qədər ki, bu qüvvə tərk-silah edilməmiş, nə qədər ki, bu təşkilatın rəhbərləri edam olunmamışdır, Təbrizdə bizim lehimizə olaraq heç bir təbəddülat yaratmaq mümkün olmayacaqdır. Demokratlara böyük tələblər vermək, onun başçılarını əldə etmək və yaxud onları terror etdirməklə də olsa bu təşkilatı dağıtmaq lazımdırə. Qız bu məktubu almanca oxuyub mənə tərcümə etdikdən sonra, mənim Helmi bəyə yazdığım məktubun da tərcümə edilib Tehrana xəbər verildiyini söylədi, əlavə olaraq dedi: – Siz Helmi bəyin məktubuna yuxarıdakı cavabı yazmazdan da əvvəl, sizinlə nə cür rəftar edilməsinə dair plan hazırlanırdı. Bu təlimat heç şübhə yoxdur ki, yenə də Almaniya missiyasından və yaxud baş ərkan-hərbidən gəlmişdir. Helmi bəyə gələn təlimatda «gizli təşkilatın başçılarını edam etdirmək, yerli hökumətin vasitəsilə təşkilatın silahlı qüvvələrini tərksilah etmək və yaxud mümkün olursa, onları silahlı qüvvətə daxil etmək, ondan sonra Təbrizdə səfərbərlik elan etməklə xalqı Rusiyaya qarşı qaldırmaq? sözləri yazılmışdı. Mən qıza sual verdim: – Onlar gizli təşkilatın rəhbərlərini tanıyırlarmı? – Tanıyırlar, sizin əski silahdaşınız Hacı Mirzağa Bülluri uzun bir siyahı vermişdir. Onlar Türkiyədən bu dəstəyə qoşulub gələn Təbriz mücahidlərini də tərk-silah edəcəklər, çünki onların da gizli təşkilat ilə əlaqədar olduqlarını anlamışlar. – Bunun bir qorxusu yoxdur, onlar İstanbuldan gələn mücahidləri tərk-silah etmək istəsələr də, tapa bilməyəcəklər, çünki onlar da həmin Helminin qorxduğu gözəgörünməz qüvvətin içərisinə tökülmüşlər, onlar artıq öz silahları ilə bərabər qışlalardan axıb getmişlər. İndi mənə de görüm, yerli hökumətlə Helminin əlaqəsi nə kimi bir vəziyyətdədir? – Yerli hökumət hələ bu qüvvə Savucbulaqda olduğu zaman özünü bu qüvvənin sərəncamına vermişdi. Yerli hökumətin siması yoxdur, o, Rusiyaya olduğu kimi bu qüvvətin də lehinədir. Bu günlər o böyük bir rol oynamalıdır, o rol da sizi həbs edib Helminin sərəncamına vermək və xalqın xəbəri olana qədər edam etməkdən ibarətdir. – O bunu bacara bilərmi? – Helmi bəyin və İbrahim Fovzi bəyin şərəfinə təntənəli bir ziyafət veriləcəkdir. Ziyafətdə bütün Təbriz tacir və əyanları iştirak etdiyi üçün sizi də ora dəvət edəcək və orada həbs edərək edam eləyəcəklər. – Onlar mənim o ziyafətə gedəcəyimə əmindirlərmi?1 – Əmindirlər, Mirzağa Büllurinin dediyinə görə siz öz qorxaqlığınızı bildirməmək üçün o ziyafətə gedəcəksiniz. – Doğru deyir, gedəcəyəm. Qoy sərdar Rəşid məni tutub He!minin pəncəsinə versin, hərgah bacarırsa... – İndi gedə bilərsiniz! – Qız məhzun bir surətdə dedi. – Sizi ancaq bundan ötrü də çağırmışdım. Yenə də başqa xəbərlər olursa, sizə xəbər verəcəyəm. Mən miss Hannanın əlini sıxaraq təşəkkür etdim və vidalaşıb çıxdım. * * * Üz-üzə İnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi. Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o: – Rica edirəm ziyafətə bir az vaxtından tez təşrif buyurasınız. Oturub bir az hazırkı vəziyyətlər haqqında söhbət edək. Xəyalınıza heç bir şey gətirməyin. Mənim evimdə sizə heç bir şey olmaz, – dedikdə mən fikrimi tamamilə dəyişdim, hər nə olur-olsun həmin qanlı və təhlükəli ziyafətə getməyi qərara aldım. Lakin tədbirsiz getmək olmazdı. Gözləri və qolları bağlı düşmən əlinə keçmək cəsarət yox, anlamazlıq və sadəlik hesab olunur. Vaxt çox dar idi. Belə zamanlarda insan geniş bir surətdə düşünməyi də bacarmırdı. Hər halda, nə qədər düşünürsən düşün, iki işdən birisini qəbul etməlisən – onlardan birisi ölmək, ikincisi isə ölməmək üçün müdafiə tədbirləri tapmaq. Tütünçüoğlu durub mənim çıxılmaz vəziyyətimə tamaşa edirdi. O mənim çətinlik çəkdiyimi hiss etsə belə, fikirlərimi dağıtmamaq üçün bir söz soruşmağa cəsarət etmirdi. Doğrudan da, mən çox dərin düşünürdüm. Düşüncə məni elə bürümüşdü ki, olduğum yerdə donub buza dönmüş adamlara bənzəyirdim. Mən ancaq bu gün diriliyin və ölümün nədən ibarət olduğunu lazımi qədər təyin edə bilirdim. Vaxtilə yanımızda yüzlərlə adamın bombalar, top güllələri, pulemyot və tüfəng güllələri ilə yerə töküldüyünü gördüyümüz zaman həm özümüz iqbala inananlar kimi düşünür, həm də yanımızdakılara müraciətlə: «Qorxmayın, hər güllə hər adama dəyməzlp deyirdik. Lakin bu gün ölüm gülləsinin mənim üstümə gəldiyini düşünərək özümü şaşırdım: eyni zamanda bu şaşqınlığın nədən irəli gəldiyini fikirləşir və təyin edirdim. Bu düşüncə həyatımın özüm üçün yox, başladığımız işlərdə lazım olduğu üçün idi, buna görə də həyatı mühafizə etmək üçün tədbirlər lazım idi. Başımı qaldırıb Tütünçüoğluna dedim: – Get gör Mahru xanım Ninanın yanındadırmı? Hərgah oradadırsa, Ninaya xəbər ver ki, Mahrunu da götürüb mənim yanıma gəlsin. Tütünçüoğlu gedib beş dəqiqədən sonra qayıtdı və onların gəlməsini xəbər verdi. Düşüncələrim qismən dağıldı, sakit nəfəs aldım, düşüncələrimi müəyyən bir mərkəzə yığmağa və Mahru ilə danışacağım məsələləri planlaşdırmağa imkan tapa bildim. Mahru ilə Nina içəri girdi. Nina mənim üzümə baxan kimi özümdə olmadığımı dərhal hiss etdi və mənə bir söz demədən Tütünçüoğlundan soruşdu: Bunun yanına kim gəlmişdi? – Heç bir kəs gəlməmişdi. Məktub və sifariş gətirən olmuşdurmu? – Xeyr! – Telefonla danışmışmı? Bu suala Tütünçüoğlu cavab vermədi, icazə istəyirmiş kimi üzümə baxmağa başladı, mənsə onu çətinlikdən qurtararaq: – Bəli, telefonla danışmışam, – dedim. Nina soruşdu: – Kimlə? – Sərdar Rəşid ilə. Mahru bunu eşidərkən Ninanın danışmasına macal vermədən: – Sizin yanınıza bunun üçün də gələcəkdim. O xainin sözünə baxmayın, yalvarıram sizə, o ziyafətə getməyin. Orada sizi məhv edəcəklər, – dedi və ağladı. Nina da təbii halından çıxaraq, bir şey itirmiş adamlar kimi, otağı o tərəf-bu tərəfə dolanırdı. Mən Ninaya və Mahruya nəsihətverici bir halda dedim: – O ziyafətə getmək təhlükəli olsa da, məcburən getməliyəm. Getməsəm onlar məni qorxaq və cəsarətsiz hesab edərlər. Salamat qalmaq üçün düşməndən gizlənmək bir çarə deyildir. Düşmənlə gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll etmək lazımdır. Mahru yenə də: – Sizi məhv edəcəklər. Rica edirəm getməyin, – dedi. – Mahru bacı, siz kömək etsəniz, mənə heç bir şey etməzlər. Mahru üzümə təəccüblə baxaraq soruşdu: – Kömək etməyə imkan olsa, mən həmin köməyi sizdən əsirgərəmmi? – İmkan vardır, Mahru! Hazırda siz çarşabınızın altında beş dənə əl bombası evinizə apara bilərsinizmi? – Nə üçün də apara bilməyim! Onda bir çətinlik vardırmı? – Siz həmin bombaları aparacaqsınız, çünki biz onları özümüzlə bərabər apara bilmərik. Ola bilər ki, üstümüzü axtarsınlar, buna görə də biz Əsədlə ziyafət salonuna girəndən sonra, Həsənağa qulluqçu sifəti ilə bizim paltolarımızı saxlayacaqdır. Siz apardığınız bombaları Həsənağaya verəcək, Həsənağa isə onları bizim paltomuzun cibinə qoyacaqdır, birisini isə özündə saxlayacaqdır. Mahrunun gözündən sevinc yaşları axmağa başladı: – Bunu bacara bilərəm. Həsənağa dəhlizdən girib həyətə getmək bəhanəsi ilə bombaları bir-bir məndən alıb paltoların cibinə qoya bilər. – Hərgah bu vəzifəni yerinə yetirə bilsəniz, o zaman bizim məsələmiz yaxşılıqla həll ediləcəkdir. – Heç də rahatsız olmayın. Mən sizin paltolarınızı tanıyıram. Palto saxlanan yerə özüm də girməli olsam, bombaları sizin cibinizə qoymağa söz verirəm. Lakin qorxuram sizi salonda məhv etsinlər, bombalar sizə kömək verə bilməsin. – Elə şey ola bilməz. Orada bizi ancaq həbs edə bilərlər. Sərdar Rəşid nə qədər xain olursa-olsun, öz evində bizim edam edilməyimizə imkan verməz, çünki o, zahirdə özünü məmləkətin sahibi hesab edir. Mahru ilə razılaşdıq, qərarlaşdıq, o bombaları götürüb getdi. Ziyafət gecə saat on birdə başlanacaq idi, ziyafəti gecəyə salmaqda məqsəd yaradacaqları hadisəni bir kəsə bildirməməkdən ibarət idi. Biz hadisənin ziyafət süfrəsi başında həll edilməməsini zənn edirdik, hər halda onlar bizi xörəklə zəhərləyə bilməzdilər, çünki İranda adətə görə bir xonçada qoyulan xörəkləri bir neçə adam yeməli idi. Hərgah bizi içəridə məhv etmək istəsələr, o zaman ya boğmalı və yaxud güllə ilə öldürməli idilər. Lakin biz həbs edilməkdən zərrə qədər qorxmurduq, çünki sərdar Rəşidin evinin ətrafında kifayət qədər adamlar qoymuşduq. Onlar bizi Helminin adamlarının əlindən xilas edə bilərdi, hadisə salonda baş verəcək olsa da, Mahru xanımın apardığı beş dənə əl bombası bizi qurtara bilərdi. Bizim ziyafətə getməyimizə evimizdəkilər tərəfdar deyildi. Məşədi Kazım, Nina qapıları bağlayıb bizi dışarı buraxmaq istəmirdilər, nəhayət, mən: – Tutaq ki, biz bu ziyafətə getməkdən boyun qaçırdıq, görək onlar bizim yaxamızdan əl götürəcəklərmi? – dedim. - Siz bilirsiniz ki, düşmən sənin qorxaqlığını hiss edərsə, daha da cürətlənər, öz addımlarını daha da qətiləşdirər. Nina yenə də öz inadında davam edirdi. O ağlayır və yalvarır, mənim əlimdən yaxalığımı və qalstukumu alıb gizlətmək kimi xırda vasitələrə belə əl atırdı. Mən onu sakit etmək üçün: – Nina, sən mənə mane olma, – dedim. – Sən Təbrizdə olan fəaliyyəti qorxaqlıqla başa çatdırmağımıza səbəb olma! Qoy, düşmənlə olan haqq-hesabımızı tez və namuslu bitirək. Ninanın bu sözlərdən sonra əlləri boşaldı, inadı söndü, götürüb gizlətdiyi libasları və yaxalığımı özümə qaytardı, biz yola düşüb getdik. Əökdki Paltoları və qaloşları çıxarıb Həsənağaya tapşırdıq. Əsədlə bərabər salona daxil olduq. Qonaqların hamısı ayaq üstündə idi, bunlar kiçik dəstələrə ayrılı» salonda söhbət edə-edə dolanırdılar. Gülənlər və bir-birinə pıçıldayanlar da var idi. Bir zaman ruslara yaxınlıq nişan vermək üçün rus dilinin qol-qabırğasını sındıranlar, indi də Helmi bəyə yaltaqlanmaq üçün həddindən artıq «iştə, şu, bir bucuq, yahu, əfəndi, yavrum, ağabəyim, validəm, babam? kimi sözləri aralığa fırladırdılar. Biz içəri girən kimi sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbbətlə bizi qarşıladı: – Tac-sərimiz bizim bu ziyafəti öz təşrifləri ilə müzəyyən buyurmuşlar – dedi və əlimizi sıxdı, eyni zamanda bizi Helmi və İbrahim Fovzi bəylərə təqdim etdi: – Şəhərimizin tacirlərindəndir, Əbdülhəsənbəy cənablarıdır. Sərkarın vücudu olduqca dəyərli və qiymətlidir, dostlarımızdandır. – Sərdar Rəşid məni onlara təqdim etdikdən sonra Tütünçüoğlunu da tanış verib dedi: – Bu da cənab Əbülhəsənbəyin qardaşı Əsəd ağadır. Əqilli və ədəbli bir cavandır. Helmi irəli gəldi, o hələ mənə əl uzatmadan: – Təbiri cayizsə bu da gizli hərəkət ordusu baş komandanının yavəridir, – dedi və mənim əlimi sıxarkən: – Ziyarətinizdən məmnun və məhzuz olduq - dedi. Biz İbrahim Fovzi və onların iki nəfər gənc yavərləri ilə tanış olduq. Bizi məhv etmək üçün təşkil edilən bu ziyafət Təbrizdə gördüyümüz ziyafətlərin hamısından zəngin və təntənəli idi. Sərdar Rəşid Təbrizin ən gözəl rəqqasələrini, oxuyan və oynayanlarını bu ziyafətə çağırmışdı, qaraçı qızları tez-tez oynamağa və oxumağa çağrılırdi. İbrahim və Helmi tez-tez «Yahu, o çənganəni bura çağırsana ab – deyərək sərdar Rəşidin nökərlərinə əmr edirdi. Onlar Şərqin ən zəngin musiqisindən həzz almaq istəmirdilər, oxuyanlar çalıb-oxuduğu zaman belə Helmi bəy yenə də xidmətçini səsləyərək: – Yahu, o çənganəni bura çağırsana al.. – deyə qışqırır və oxuyanları ruhdan salırdı. Buna görə də qaraçının birisi gedib, başqası gəlirdi. Nəhayət, ziyafətin oxuyub çalmaq və oynamaq işləri qurtardı. Süfrə başına keçildi. Süfrədə içkidən başqa hər şey var idi. Mənim hər tərəfimdə Helminin planına görə bir nəfər zabit oturmuşdu, bunlar İbrahim Fovzi və Helminin yavərləri idi. Mənimlə üz-üzə oturan Tütünçüoğlunun sağ-solunda da iki nəfər zabit əyləşmişdi. Süfrə başında oturanların hamısı rəsmi paltarda idi. Sərdar Rəşidin özü də rəsmi paltarını geyinmişdi. Birinci kərə onun belində kiçik ebrauninq? tapança görürdüm. Helmi, İbrahim Fovzi də öz yavərləri ilə bərabər rəsmi və hərbi uniformada idi, onların da kəmərində ckolbə sistemli tapançalar vardı. Mənə elə gəlirdi ki, söhbətin haradan başlanacağı və ixtilafın nə cür aralığa atılması barəsində vaxtikən danışılmışdı. Söhbəti Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi başlayacaqdı, onlar mənim üzümə baxırdı. Onlarla düşmən olduğum halda, ziyafətə gəlməyim hər ikisinə qəribə görünürdü. Onlar bizə çox yaxın oturmuşdu. Birinci olaraq Hacı Mirağa mənə müraciət edərək bir dost kimi danışmağa başladı. – Məncə, sərkar Əbülhəsənbəy və onun tərəfdarları bizim təşəbbüsümüzü təqdir etməlidirlər. Mirzağa Büllurinin bu sözündən süfrə başında oturanların hamısı qulaqlarını şəkləyib gözlərini geniş açaraq bizə baxırdı, çünki mənim Mirzağanın bu sözlərinə verəcəyim cavab bütün məsələni həll edəcəkdi. Mənə gəldikdə məsələni uzatmaq istəmirdim, çünki mənim cavabımdan asılı olmayaraq, onlar öz tədbirlərini həyata keçirəcəkdilər, mən onların sözlərinə «bəli, bəli» demiş olsaydım da, onlar məni buradan azad buraxmayacaqdılar. Bunun üçün də Hacı Mirzağaya cavab verib dedim: – Hərəkətiniz, əsasən, mütəşəkkil və düşünülmüş bir hərəkət olsa belə, doğru sayıla bilməz. Bu sözümdə məclisdə tamam bir sükut başlandı. Yaltaq tacirlərin qorxudan çöhrələri və vəziyyətləri dəyişdi, onlar mənim bu hərəkəti pisləməyimə təəccüb etməyə bilməzdilər, çünki gündə yüzlərcə iranlını zopa ilə vurduran Helminin yanında bu cür söz demək, həm həddindən artıq cəsarət, həmdə dəlilik sayılardı. Hacı Mirzağa Bülluri aranı qızışdırmaq üçün mənə sual verdi: – Hərəkətimiz nə üçün doğru bir mehvər üzərində getmir? Mən: – Təbrizə gələn bu kiçik dəstənin ən başlıca ehtiyaclarından birisi, yerli xalqı öz ətrafında səfərbər etmək və onu ümumi düşmənə qarşı qoymaqdan ibarət olmalı idi. Sizə silahla və canlı qüvvəylə kömək edə bilən kütlə bu süfrə başında oturan tacirlər, əyanlar deyil, siz o qüvvələri aşağı təbəqənin içərisindən yığmalısınız, lakin təəssüflər olsun ki, əsgərlərinizin fəna və qaba hərəkətləri, onların başlıbaşınalığı və hədsiz qarətləri birinci növbədə aşağı təbəqəni sizin əlinizdən aldı. Xalqın bir tək iş malını, öküzünü, atını, arabasını çəkib aparmaqla bu hərəkətə qarşı xalqda qəti bir nifrət oyandırdıniz. Siz məni çox gözəl tanıyırsınız, eyni zamanda hər ikimiz Təbriz xalqını da gözəlcə tanıyırıq. Təbriz xalqı bu yaxın illər ərzində bir neçə kərə soyulmuşdur. Onları Rəhim xanlar, zərğamlar, şüca nizamlar, çar ordusu, Səməd xanlar, filani-filanlar bir neçə dəfə qarət etmişlər. İndi isə qardaş köməyinə gələn dəstənin nəfərləri də xalqı qarət edib dağıtmaqdadır ki, bu da gözlənməyəcək və təəssüf ediləcək bir haldır. Bu sözlərə hamıdan artıq Helmi və Fovzi bəylər diqqət verirdi, çünki onlar bizimlə birinci kərə qarşı-qarşıya gəlirdilər, çünki onlar İran sərhədini keçən gündən bəri birinci kərədir ki, tənqid olunurdular. Buna görə də Helmi bəy: – Bir az da gizli və silahlı qüvvəniz barəsində danışın! – dedikdə mən: – Təbrizdə Helmi bəy cənablarının komandasında olan silahlı qüvvədən başqa heç bir nizami və silahlı qüvvə yoxdur, – deyə cavab verdim. – Burada yerli hökumət vardır. Nizami qoşun, polis və yandarm onların əlindədir. Məncə, bu barədə həzrət əşrəf sərdar Rəşid cənabları sizə doğru məlumat verə bilər. Siz yaxşı bilirsiniz ki, bizim silahlı qüvvələrimiz 11-ci ildə Əmir Heşmət üsyanında Təbrizi buraxıb Van tərəflərinə və İstanbula getdilər, burada qalanlar isə dara çəkildi, sürgün edildi, Hacı Səməd xan tərəfindən zirzəmilərdə boğduruldu, bacaranlar isə Təbrizdən çıxıb qaçdı. Hacı Mirzağa və Fişəngçi cənabları bu həqiqəti yaxşı bilirlər. Hazırda bizim nə kimi bir qüvvəmiz ola bilər? Mən çox təəssüf edirəm ki, biz çar Rusiyasına qarşı amansız mübarizə apardığımız bir halda, Təbrizi çar istilasından qurtarmağa gələnlər də bizə düşmən bir nəzərlə baxır. Cənab Helmi bəy, çox gözəl bilir ki, bir məmləkətə girən hər hansı bir dəstə asayişi təmin etməlidir. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gündən bəri əmin-amanlıq yarada bilmədi, buna görə də xalq təcavüzlərə qarşı təşkil olunmağa başladı, bu isə təbil bir haldır. Mənim bu sözlərimdən Helmi bəy acıqlanmışdı, onun boyun damarlarının qabardığını hiss edirdim, o özünü ələ almağa çalışırdı, yediyini və içdiyini bilmirdi. Mən vaxtikən Tütünçüoğluna tapşırmışdım ki, bizi zəhərləmək ehtimalı var, buna görə də ehtiyatlı hərəkət etməliyik. Yanımızda oturan zabitlər hansı xörəkdən yeyirsə, biz də həmin xörəklərdən yeyirdik. Xörəklərin qurtarmasına az qalırdı, birdən-birə Helmi bəy başını qaldırıb Hacı Mirzağa Bülluridən soruşdu: – Hacı bəy əfəndi, unutmuşdum... Yahu, de görüm bizə həmin qaba və ədəbsiz məktubu yazan bu hərifmidir?1 Bu hərifin barəsində bir tədbir ittixaz edilmədimi? Helmi bu sözləri dediyi zaman mən məclisdəkilərə göz gəzdirdim, xüsusən sərdar Rəşidin və Hacı Mirzağa Büllurinin nə kimi vəziyyət aldıqlarına baxdım. Hacı Mirzağa məni satdığına baxmayaraq, mənim gözümün qarşısında danışmaq istəmirdi. O, Helminin sualının cavabını vermək istədisə də, boğazı tutuldu. Hər kəs xörəkdən əlini çəkib durmuşdu. Sərdar Rəşid əlindəki kibritlə külqabını qurdalayır və gözünün yanı ilə mənim üzümə baxırdı. O məni artıq ölümün pəncəsində görüb sevinirdi. O məni bir neçə dəqiqədən sonra məhv olmuş hesab edir və Nina haqqındakı xəyanətini həyata keçirəcəyinə əmin olurdu. Lakin Kəblə Hüseyn Fişəngçi tam mənası ilə mənə qarşı bir təhqiri çəkə bilmirdi, o, alçaq və adamsatan deyildi, o, avam və sadə olduğu üçün bu çirkabın içərisinə düşmüşdü. Onun rəngi ağarmışdı. Biz sonradan bildik ki, Kəblə Hüseyn Fişəngçinin mənə qarşı edilən bu xəyanətdən xəbəri yox imiş. Mənim bu barədə olan şübhələrimi onun hazırkı vəziyyəti tamamilə dəyişmiş oldu. İndi mən onun məclisdə bir ixtilaf törədəcəyindən və mənə kömək etmək istədiyi üçün planlarımızı pozacağından qorxurdum. Mən o dəqiqələrdə öz həyatımı unudub onun ağır vəziyyətdə qaldığı barəsində düşünürdüm, çünki Kəblə Hüseyn məni tanıyırdı, onunla iki il tamam yoldaşlıq etmişdik, onunla yanaşı olaraq uzun gecələri cəbhələrdə keçirmişdik. Mən Helminin sualına cavab verməmişdim, çünki Helmi öz sualını Hacı Mirzağa Bülluriyə vermişdi. Vaxtilə Təbrizin çətin günlərində təkrar-təkrar «Allah səni bizə çox görməsinə deyən Hacı Mirzağa bu gün məni Helmi bəyin əlinə verdiyindən utanırdımı? Məncə, yox, o utanmırdı. O bu xəyanətlə özünün xalq içində nüfuzdan düşəcəyini düşünürdümü? Nəhayət, o, cavab verə bilmədi, mən papirosu külqabına qoyaraq, cavab verdim: – Bəli, sizin dediyiniz qaba məktubu mən yazmışdım! Helmi məndən bu cavabı gözləmirdi, o mənim üzümə əyri-əyri baxıb, acıqlı bir tərzdə dedi: – Baqqal hərif! Biz qoca bir məmləkətin müqəddəratını həll etmək üçün gəldik. Hazırda sizinlə bazarlıq edəcək tacirlər deyiliz, sizə dünən silahları və məhəmmədcikləri təhqir edən karata hərifləri təslim vermək üçün əmr verilməmişdimi?l – Verilmişdir, sizin bu cür əmr verməyə ixtiyarınız vardır. – Nerede qaldı? Nə üçün təhvil vermədiniz? Mən yenə də sakitcə papirosu yandırıb bir nəfəs çəkdim və üzümü sərdar Rəşidə çevirib: – Xəyanəti fəna təşkil etməmişsiniz , – dedim. O, qorxusundanmı, utandığındanmı, acığındanmı, hər nədənsə titrətməli adamlar kimi titrəyirdi. Mən Helmiyə dönərək: – Rica edirəm mənimlə ədəbli danışın! – dedim. - Sizin qarşınızda bölük nəfəri oturmamışdır. Biz baqqal da deyilik. Baqqalı Azərbaycan valisinin evinə dəvət etməzlər. Sizin qarşınızda oturan Mirzağalar baqqaldır ki, öz iflasını təmin etmək üçün bir dəstə qarətçini də götürüb Təbriz xalqını soymağa gəlmişdir. Lakin əmin olun ki, buna imkan verilməyəcəkdir! Bir daha rica edirəm ki, sözünüz varsa, onu bir ordu rəisi kimi deməlisiniz, çünki o cür sözlərə cavab verməyə tərbiyəm yol vermir. Bu sözlərimdən sonra Helmi barıt kimi alışdı və yanımdakılara qışqırdı: – Alın bu gəvədə hərifi ərkani-hərbə! Mən gəlincəyə qədər bunların hər birisinə yüz zopa vurulmasını əmr edərsiniz. Bu saatda karata hərifin evinə gedib evində saxladığı gavur qızını da alıb, bu məclisə gətirərsiniz! Yanımda oturan yavərlər qollarımdan tutub qaldırdılar, Kəblə Hüseyn Fişəngçi özü də hiss etmədən yerindən qalxdı. Mən ona yerində oturmasını işarə etdim. O yerində oturdu. Hacı Mirzağa başını aşağı salıb heç bir tərəfə baxmırdı, onlar mənim və Əsədin qollarını bağlamaq istədikdə mən: – Madam ki, biz özümüz gedirik, qollarımızı bağlamağa nə lüzum vardır? – dedikdə tacirlərdən bir çoxu və Kəblə Hüseyn Fişəngçi də: – Qollarını bağlamaq yaxşı deyil, hara istəyirsiniz getsinlər də, – dedi. İki nəfər zabit məni, iki nəfər də zabit Əsəd Tütünçüoğlunu qabağına salıb salondan çıxardılar. Bizi aparırkən sərdar Rəşid Helmi bəyə müraciətlə: – Əsəbiləşməyə lüzum yoxdur, – deyirdi, – eylə də əhəmiyyətli adamlar deyildirlər. Cənab komandan buyurduğu kimi baqqal-çaqqaldırlar, bazar oğlanlarıdırlar. Bizi dəhlizə çıxardılar. Həsənağa paltolarımızı gətirib tutdu, biz paltonun cibini yoxladıqda bombaların cibimizdə olduğunu hiss etdik: hər cibimizdə bir dənə əl bombası var idi. Bunu gördükdə qəlbimiz sakit olmuşdu, öz planımızı həyata keçirə biləcəkdik. Onlar bizi dəhlizdən balkona çıxardı, zabitlərdən birisi balkondan həyətdəkiləri səslədi: – Əli çovuş, Süleyman çavuş! – dedikdə iki nəfər balkona çıxdı. Zabit onlara tapşırdı: – Bu hərifləri ərkani-hərbə götürün, baş komandanın əmrinə görə hər birisinə yüz zopa vurduqdan sonra toqif ediniz, – dedikdə çavuşlardan birisi: – Mülazim əfəndi, yüz zopadan sonra toqif etmək caizmidir? dedikdə zabit gülərək soruşdu: – Bəs nə edəcəksiniz yahu? – Torpağa göməcəyiz, – deyə bizi qabaqlarına qatdılar, zabitlər isə salona qayıtdılar. Zabitlərin salona girməsi üçün biz papiros yandırmaq bəhanəsi ilə pilləkən başında bir az yubandıq, zabitlərin salona girmələrindən əmin olduqdan sonra pilləkənə yanaşdıq və gözlənilmədən yanımızdakı çovuşları itələyib həyətə atdıq, dallarınca da iki bomba buraxdıq. Həyətdə inilti və qışqırtı ucaldı, aləm bir-birinə qarışdı. Mən Tütünçüoğlunu pilləkənin başında qoyub salona qayıtdım. Biz həyətə bombaları atdığımız zaman Həsənağa da təxirsiz olaraq dəhlizdən əlində bomba salona girmiş və salondakıları əllərini yuxarı qaldırmağa məcbur eləmişdi. Mən bir əlimdə papiros, o biri əlimdə bomba salona girdim. Hamısının əlləri havada idi. Mən papirosu çəkir və bunlara tamaşa edirdim. Heç söz danışmırdım, Tütünçüoğlunun gözləyirdim. Salonda həyəcan davam etdiyi kimi, həyətdəkiləri də bizimkilər tərk-silah edirdi. Verdiyimiz təlimat üzrə bizim bombalarımız açılan kimi sərdar Rəşidin evinin ətrafında duran yoldaşlar həyətə girib bütün silahlı adamları tərk-silah edib qollarını bağlayacaqdı. Tütünçüoğlu bir əlində tapança, o biri əlində bomba içəri girdi. Mən Tütünçüoğlunu görürkən həyətdəkilərin tərk-silah olunub bitirilməsini yəqin etdim. Süfrədən kənardakı dəyirmi bir mizin yanında oturdum və Tütünçüoğluna əmr etdim: – Bu qorxaqları və bir əsgər namusu daşımayan bu şərəfsizləri tərk-silah edin! Bu sözümdən sonra birinci olaraq Helminin qılınc və belindəki ckolbə tapançasını açdılar. Fovzini və onların yavərlərini, zabitlərini, dörd nəfər İran zabitini də tərk-silah elədilər. Bunları qurtardıqdan sonra Tütünçüoğluna sərdar Rəşidi göstərib: – İndi də üç hökumətin üçü ilə də əlaqə saxlayan, üçünə də yaltaqlıq edən, eyni zamanda üçünə də xəyanət eyləyən bu qondarma həzrət əşrəfi tərk-silah edin! – dedikdə Tütünçüoğlu onun tapançasını, qılıncını, döşündəki cÖryolp nişanını, həmayilini və sair şeylərini tamamilə soyundurdu. Başqaları da axtarıldı, silahı olanlardan silahları alındı, onların hamısını mənim yanımdakı mizin üstünə qoydular. Mən ayağa qalxdım, üzümü sərdar Rəşidə və Mirzağaya tutub: – Bu xəyanəti təşkil edən sizsiniz, bizi «bazar oğlu» deyə He!milərə və Fovzilərə tanıtdıran sizsiniz! Hərgah hökumət işlərinə qarışmağa icazəm olsaydı, mən sizi birinci növbədə məhv edərdim, lakin mən bu qarətçi dəstənin tezliklə məğlub olacağını gözümlə görən kimi yəqin etdiyim üçün Helmini və onun qarətçilərini cəzalandırmıram. Mən Helmi bəyin qabalıqlarına da qaba cavab vermək istəmirəm, ancaq ona bir daha xatırladıram ki, mən «bazar oğlu) və «baqqal-çaqqal? deyiləm, hərgah keçmiş dəllək şagirdi, hazırkı sərdar Rəşid bizi «baqqal və bazar oğluş deyə tanıtmışsa, burada oturanların hamısı, hətta Mirzağa Bülluri də mənim «bazar oğlu? olmadığımı yaxşı bilir. Bu sözlərdən sonra mən tapançaların patronlarını çıxarıb He!miyə və Fovziyə qaytardım və əlavə etdim: – Rica edirəm ki, bu gecəki hadisə haqqında heç bir yerdə danışmayasınız, haqqınızda qismən ədəbsizlik olduğunu da əfv edəsiniz. Biz bunu etməyə məcbur idik. Biz başqa silahları və patronları götürüb salondan çıxdığımız vaxt Helminin səsini eşidirdim. O: – Doğrudan da, bunlar bazar oğlu və baqqal-çaqqal deyilmiş, – deyirdi. * * * Erməni məhəlləsində hücum hazırlığı Artıq tərk-silah etmək və həbsə almaq məsələsi fikri tamamilə Helmi və Fovzi bəylərin yadından çıxmışdı. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. Onlar ümumi qarət və kütləvi talana imkan tapa bilmədilər. Lakin tək-tək adamları tutub cərimələyir, qarət edir və malını aparırdılar. Qoşun nəfərləri bazar əhlindən hər nə alırdılarsa, pulunu vermək istəmirdilər, onların ağzından söyüş və «gavur oğlu gavurə sözündən başqa bir söz eşidilmirdi. Malı gedənlər və zərərdidələr qorxusundan baş komandanın yanina şikayətə gedə bilmirdi, çünki əlində qalan beş-üç tümən pulunu da ona verib çıxmalı idi. Bəzən Helmi şikayətə gedənləri söyüb: – Gavur karatal – deyirdi. – Elə bil ki, malını çar soldatı çalmışdır. Malını islam əsgərinin aparmasından şadlanmırsanmı? Xalq daha şikayətə getmədi, qarətçilərə onların özləri cəza verməyə başladı. Hansı əsgər bir nəfər yerliyə təcavüz edirdisə, lazımi qədər döyüb silahını alırdılar. Bu barədə bütün adamlarımıza tapşırıq verdik. Nəhayət, iş elə bir şəkil aldı ki, atı və heyvanı alınanlar qışlaların ətrafında gəzərək, öz atını hansı əsgərin əlində görsə, dərhal tutub alırdı. Ələ keçməyən heyvanların siyahısını tutub Helmi bəyə göndərdik və təcili surətdə qaytarılmasını tələb etdik. Helmi bəy mənə göndərdiyi məktubunda belə yazmışdı: eMöhtərəm əfəndim! Təşəkkür olsun ki, aramızda olan bəzi anlaşılmaz məsələlər təsviyə olunmuşdur. Atlar məsələsinə gəldikdə onlardan bir neçəsini əsgərlər evlərinə qaçırmışdır, əldə olanlarını isə təhvil verməyə hazırıq». Əldə olan atları təhvil verdilər və Təbriz xalqına toxunmayacaqlarına bir daha and içdilər. ini) Miss Hanna məni çağırmışdı, mən onun yanına axşam saat beşdə getdim. Vəziyyətini yaxşı gördüm, incəlik və gözəlliyi özünə qayıtmağa başlamışdı. Onun qoca xidmətçisi alman qadın da artıq mənə görünməkdən utanırdı, çünki keçən gün miss Hanna onun alman konsulu tərəfindən bura xidmətə göndərildiyini və özünün alman əks-kəşfiyyatına mənsub olduğunu mənə xəbər vermişdi. Mən burada əhəmiyyət vermirdim, çünki onlar bu günə kimi bizim zərərimizə çalışmamışdı, hər haqda qız Təbrizdə qalmalı olursa, xidmətçi qadının buradan kənar edilməsi lazım gəlirdi. Miss Hanna məni nə üçün çağırması barəsində danışdı: – Onların məqsədi sabah səhər tezdən erməni məhlələrini qarət etməkdir. – Nə üçün? – Helmi deyir ki, ermənilər çar tərəfdarlarını öz himayələrinə alıb saxlayırlar. Lakin işin həqiqəti tamamilə başqadır. Hazırda Təbrizə gələn dəstənin məsarifi ümumi ordu büdcəsinə daxil deyildir, dəstə özünü cərimələr, yerlilərin yardımı, heç olmazsa, qarət və talanlar vasitəsi ilə idarə etməlidir. – Sən bunu yəqin bilirsənmi? – Mən buna inanmasaydım, səni yanıma çağırmazdım. Miss Hannanın bu sözündən sonra təxir etmədən qalxdım, o məni saxlamaq istədi, şübhəsiz ki, özü haqqında soruşacaq idi, mən ona: – Sən əmin ol ki, bir təhlükə baş verdiyi zaman səni müdafiə edəcəyəm, – dedikdə o mənim boynuma sarıldı və şadlığından ağladı. Mən oradan çıxıb evə gəldim, sərdar Rəşidə bu məzmunda təcili bir məktub yazıb bir nəfər mücahidlə göndərdim: 4Bizim barəmizdə olan sui-qəsdin müvəffəqiyyət qazanmadığı sizin nə kimi bir simaya malik olduğunuzu və nə kimi bir qüvvə daşıdığınızı bizə aydıncasına göstərdi. Biz həmin gecədən etibarən sizi bir İran nümayəndəsi kimi tanımamağa başladıq. Təbiidir ki, bu xəyanətinizə qarşı cəzasız buraxılmayacaqsınız. Bu gün aldığım xəbərlərə görə, erməni xalqını talan etdirməyə icazə vermişsiniz. Siz bu məmləkətin valisi olduğunuz halda cErmənistanəın qarətinə soyuqqanlı bir tamaşaçı qalmamalısınız. Ermənilər də təbrizlidir, onların müdafiəsi bizim öhdəmizdədir. Biz bu saatdan etibarən bir nəfər erməninin zərərdidə olması məsuliyyətini sizin öhdənizə qoyub, sizi təxirsiz surətdə cəzalandıracağıqp. Məktubu göndərdikdən sonra sərdar Rəşid məni telefona çağırıb dedi: – Mən nə edə bilərəm? Helmi və Fovzi bəylər məni bir vali kimi tanımaq istəmirlər. Onlar mənə qulaq assaydılar sizin haqqınızda o ədəbsizliyi rəva görərdilərmi? Mənim əlimdə qüvvə yoxdur. Təbrizdə polis və yandarmın miqdarı yüz nəfərə çatmır, bunlarla böyük bir qüvvənin qabağına durmaq mümkündürmü? Mən telefonla ona cavab verdim: – Siz özünüzü bir İran valisi kimi göstərə bilsəydiniz, bir iranlı kimi bu ölkənin namusunu müdafiəyə qalxışsaydınız, biz sizi müdafiə etməzdikmi? Lakin siz bunun əvəzində bizi öz evinizdə tutub Helmi bəyin əlinə vermək istədiniz. Qısa deyirəm, siz bu saat He!miyə məktub göndərməklə qarətin qarşısını almalısınız. Əks-surətdə bu gecənin özündə sizi cəzalandıracağıq. – Mən bunu bacara bilərəmmi? Bu iş mənim əlimdən gələrmi? – İstəsəniz bacararsınız. – Elə isə zəhmət çəkib bizə təşrif gətirin, burada danışaq. – Vaxtım yoxdur. – İcazə verin mən özüm gəlim. – Gələ bilərsiniz. İyirmi dəqiqə keçməmiş sərdar Rəşid avtomobil ilə gəldi, heç utanmadan mənim və Ninanın əlini sıxıb oturdu və hələ mən sözə başlamadan o: – Sizdən çox üzr istəyirəm, – dedi, – ədəbsizlər mənim evimdə sizi təhqir etməməli idilər, lakin onlarda nəzakət olmadığını siz özünüz də bilirsiniz. . Mən onun sözünü yarımçıq qoyaraq: – Bu barədə danışmayacağıq, bu hadisə haqqında fikrim başqadır. Hələlik «Ermənistan» məsələsini danışmalıyıq, siz onlara bu məqsəddən daşınmaları üçün tələbat verməlisiniz. Sərdar Rəşid bu məsələdən boyun qaçırmaq üçün: – Cənab sərkar özü bilir ki, biz Rusiya və Osmanlı ixtilafında bitərəfik, biz Tehrandan icazə almamış bu bitərəfliyi poza bilmərik. – Əcəba, siz məni və bütün Təbriz müdafiəçilərini evinizdə həbs etdirib qarətçilərin əlinə verdikdə Tehrandan icazə almışdınızmı? – Bəndə sizə ərz elədim ki, o məsələdən mənim xəbərim yox idi. – Bundan xəbəriniz yox idi, ağzınızın dediyi sözlərdəndəmi xəbəriniz yox idi? «Çox əhəmiyyət verməyin, o qədər də əhəmiyyətli adamlar deyil, komandan buyurduğu kimi baqqal-çaqqallardırə sözlərini siz demədinizmi? – Mən bu sözləri sizin cəzanızın yüngülləşməsi üçün dedim. – İndisə sizə Əbülhəsənbəy yox, bir bazar oğlu əmr edir, hər nə deyirəmsə götürüb yazın, onlara tələbat verin! – Tələbatı yerinə yetirmək üçün qüvvə lazımdır! – Sənin bazar oğlu adlandırdığın adam o qüvvəni sənə verər. Götür yaz! – Mən bu sözü deyib bir parça kağızı onun qabağına qoydum, qələmi mürəkkəbə basıb: – Buyur! – dedim. O, qələmi alıb mənim ağzıma baxmağa başladı: €Cənab Helmi bəy! Bu gün aldığım məlumata görə Təbrizi işğal etmiş dəstəniz şəhərin erməni hissəsini qarət etməyə hazırlaşır. Buna görə də yerli hökumət buna imkan verməyəcəyini sizə bildirməklə, sizdən aşağidakıları tələb edir: Erməni hissəsinin qarəti barəsindəki qərarınızı ləğv etməlisiniz. Əsgərləri şəhər içərisinə buraxmamalısınız, əks surətdə onları həbs etdirəcəyəm. cErmənistanə məhəlləsində bir nəfər müsəlman qadınını öz mənzillərinə çəkmək istəyən əsgərləri İran məhkəməsinə təslim etməlisiniz. Təbriz xalqından alınan cürbəcür cərimələr qaytarılmalı və təzə qoyduğunuz 70 min tümən təzminat alınmalıdır, çünki Təbriz şəhərini müharibə ilə almamışsınız. Yuxarıda göstərilən tələblər 24 saatın içərisində həyata keçirilməzsə, yerli hökumət məsuliyyəti sizin öhdənizdə qoymaqla, özünü azad hesab edəcəkdirmə. Sərdar Rəşid bu cümləni yazmaq istəmirdi, buna görə də qələmi əlində saxlayıb: – Ağa, belə bir sözü yazmaq olmaz! – dedikdə mən acıqlandım: – Nə üçün də yazmaq olmaz? – Siz bilirsiniz ki, biz məktubu Təbrizi işğal etmiş bir qoşunun komandanına yazırıq. Bir də budur ki, tələbat verildiyi zaman onun həyata keçə bilməyəcəyini də fikirləşmək lazımdır. Ağa, buyurun görək biz hansı bir qüvvəmizlə özümüzü azad hesab edə biləcəyik? – Bizim bədbəxtliyimiz burasındadır ki, əcnəbilərə nökərçilik etməyə öyrənən sərdar rəşidlər və sairələr öz yerli qüvvəsinə inanmır. Hər nə deyirəm yazın! Bu məktubun arxasında möhkəm bir qüvvə durur, o qüvvə təşkil olunmuş xalqın qüvvəsidir! Sərdar Rəşid hər nə ki, demişdim yazdı və özü də imzaladı, hökumətin möhrünü də kağızın altına qoydu. Mən kağızı alıb öz adamlarımızla Helmi bəyə göndərdim, sərdar Rəşid isə bir daha acizcəsinə mənə müraciətlə: – İndi bəs necə olsun? – deyə soruşduqda mən: – İndi heç bir şey lazım deyil! Gedərsiniz. Onlar sizi öz yanlarına çağırsalar, getməkdən boyun qaçırmalısınız. – Bu necə ola bilər? – Olar, siz bir məmləkətin valisi kimi onlara deyirəsiniz ki, hökumət işləri ilə məşğulam. Gələ bilmərəm. – Bəlkə, özləri mənim yanıma gəldilər? – Qapıda adam qoyarsınız, onları içəri buraxmazlar, deyərsiniz ki, bir neçə gün vaxtım olmayacaqdır. Görüşü çox uzaq bir zamana təyin edərsiniz. Onlar nə hökumət qapısını, nə də sizin evin qapısını zorlayıb içəri girə bilməzlər. Hərgah belə bir hadisə baş verərsə, bizimkilər orada olacaqdır. Sərdar Rəşidin dili açıldı: – Belə ha, qeyrətinə qurban! – Bizim sizinlə olan əlaqə və Helmi bəylə olan rəftarımız barəsində heç bir kəsə danışmamalısınız. Nə İran hökuməti, nə də sizin bağlı olduğunuz çar konsulu bu hadisələrdən xəbərdar olmamalıdır, siz bu sirlərin gizlində qalması üçün öz həyatınızla məsulsunuzl – Bu nə fərmayişdir, cənab Əbülhəsənbəyl Məgər bizdə milli namus və milli şərəf yoxdurmu? – Şərəf və namus məsələsini bir tərəfə buraxın, çünki o çox mürəkkəb bir məsələdir. Ancaq onu bilməlisiniz ki, bir sirri şərəfsiz adamlar da saxlaya bilər, burada mətanət və iradə lazımdır. – Əlhəmdülillah bunların hamısı bizdə vardır, inşallah, sağlıq olarsa qulluğunuza yetişərik. Sərdar Rəşidə qəlyan və çay gətirdilər, o, yarım saat daha oturduqdan sonra çıxıb getdi. Biz də hər ehtimala qarşı hazırlıq görmüşdük, erməni məhlələrinə gedən yolların hamısını tutmuşduq. Eyni zamanda erməni yoldaşların özlərinə də xəbər verib ehtiyatlı olmalarını tapşırmışdıq. Biz hazırlıq görməklə bərabər, Helminin cəsarətinə də inanmırdıq, çünki sərdar Rəşidin ona göndərdiyi məktub təsirsiz qalmayacaqdı. Helmi o məktubun bir qüvvəyə istinadən yazıldığını biləcəkdi. Biləcəkdi ki, sərdar Rəşid özlüyündə belə bir tələbatı verə bilməz. Hər halda, bu məktubun nəticəsini gözləyirdik. Buna görə də sərdar Rəşidi müdafiə etmək bəhanəsi ilə iki nəfəri onun kabinetində qoymuşduq. Düz axşam saat doqquzda sərdar Rəşidin yazı stolunun üstündəki telefonun zəngi vurdu. Sərdar Rəşid telefonun dəstəyini götürüb: – Bəli, eşidirəm, – dedi, – bəli, danışan sərdar Rəşiddir... Eşidirəm... Əleykəssəlam, Helmi bəy!.. Bizə nisbət xidmətiniz?.. Bəli, həmin məktubu mən göndərmişəm... Necə yəni ola bilməz?.. Hə, hə, mən bir İran nümayəndəsi olduğum halda, öz rəiyyətimi müdafiə edə bilmərəmmi?.. Rəiyyətin ermənisi və yəhudisi də və başqası da ola bilər... Necə yəni gavur?l Bu məmləkətin rəiyyətidirmi? Erməni olsunlar, madam ki, dinc adamlardır, nə sizinlə, nə də başqaları ilə işləri yoxdur, İran hökumətini də öz doğma hökumətləri kimi tanıyırlar, biz onların malını, canını və namusunu müdafiə etməyə borcluyuq... Bəli, müdafiə etməyi bacara bilərik!.. Hansı qüvvətlə müdafiə edəcəyimizi biz özümüz bilirik... Bir az ədəbli olun! Çünki siz başqa bir hökumətin ölkəsindəsiniz... Alınan cərimələr bir qara şahısına kimi qaytarılmalıdır... Qaytarılmasa?.. Bəli, qaytarılmasa üsuli-cəbriyyəyə müraciət ediləcəkdir... Gələ bilməyəcəyəm, başım hökumət işlərinə məşğuldur... Sizi? Mümkündür, ancaq üç gündən sonra qəbul edə bilərəm... Cəbrən!.. Eybi yoxdur, iş məcburiyyət məsələsinə gəlirsə, o zaman məsuliyyət öz öhdənizdə qalacaqdır. Yetmiş min tüməndən yetmiş şahı da ala bilməyəcəksiniz... Hacı Mehdini təcili surətdə azad etməlisiniz. Bəli, bunu sizə sərdar Rəşid İran hökuməti adından deyir... Sərdar Rəşid dəstəyi yerinə asaraq öz-özünə: «Onlar bura gələcəkdir, onlar özlərinə yazdığımız məktubu geri götürməyim üçün məni məcbur edəcəklər. Eyni zamanda cErmənistanpın qarəti haqqındakı qərarı da imza etdirəcəklər. İndi bilmirəm bizim təklifimiz nədir? Özləri də çox həyasız və ədəbsiz adamlardınə – söylədikdən sonra mənə zəng edib: – Buyurduqlarınıza tamamilə əməl olundu, onlar öz dediklərini məcburən qəbul etdirmək üçün evimizə gəlmək istəyirlər. Fikriniz nədir? – soruşdu. – Qapıda duran sərbazlara tapşırın ki, içəri buraxmasınlar. İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın! Yerinizdə möhkəm oturun! Onlar istəyir ki, qarətin məsuliyyətini İran hökumətinin üzərinə qoysunlar, siz bilirsiniz ki, erməni məhlələrində qarət başladığı zaman bu qarət başqa məhlələrə də sirayət edə bilər. Fitnəçilər və şərarətçilər belə bir fürsəti çoxdan bəri gözləyirlər. Çar təbəələrinin qarət və talan olunması da mümkündür, çünki qarətçilər pasport və ünvan soruşmadan bilafərq qabağına gələni qarət edə bilər. Bununla da Təbrizdə təzə bir fəlakət baş verər. Mən bu sözləri dedikdən sonra sərdar Rəşid: – Çox məmnun oldum. Bizi xatirdən çıxarmayın - deyərək dəstəyi yerinə qoydu. Aradan bir saat keçmədən iyirmi nəfər piyada əsgər və on nəfər atlı sərdar Rəşidin qapısında dayandı. Helmi bəylə yavəri faytondan düşüb, qılınclarını yernən sürüyə-sürüyə qapıya yanaşdılar. Onlar içəri girmək istərkən qapının sağ və solunda duran sərbazlar əsgəri nizam alaraq tüfənglərinin nizələrini irəli uzatdılar və: – İcazəsiz içəri girmək olmaz! – deyə onları saxladılar. Helmi bəy acıqlanaraq əsgərlərinə qışqırdı: – Alın bu gəvəzə hərifləril Haydı hərbi həbsxanayə götürün! – dedikdə əsgərlər irəli gəlib sərbazları tutmaq istərkən, dəhlizdən və bayırdan yüzə qədər silahlı irəli gəldi, Helmini və onun əsgərlərini mühasirə etdilər və Helmidən başqa hamısını tərk-silah elədilər. Helmi bəy vəziyyəti belə gördükdə heç bir söz demədi, başını aşağı salıb qayıtdı və yavərinə müraciətlə: – Yetər, yavrum! dedi. Məsələ aydındır. Əcəm də bizi aldatdı. Fayton yola düşüb getdi, tərk-silah olunmuş və atları alınmış əsgərlər də qayıdıb qışlalarına getdilər. * * * Kiçik Siqqətülislam Biz rusların mühüm bir qüvvə ilə Təbrizə qayıtmaq xəbərini alanda həddindən artıq rahatsız olduq. Çar xidmətində olan baron Cəbrayılın asorilərdən mütəşəkkil bir silahlı dəstə düzəltdiyi də bizə məlum idi, Biz ruslarla osmanlıların şəhər daxilində müharibə etməsini istəmirdik, çünki osmanlılar məğlub olduğu zaman evlərdə gizlənəcək və şəhərin zərərdidə olmasına imkan yaradacaq idi. Onlar məğlubiyyət ərəfəsində şəhəri qarət edib çəkilə də bilərdilər. Buna görə də hər necə olursa olsun ruslar gəlməmiş Helminin dəstəsini Təbrizdən çıxarmalı idik. Son günlər Helmi bəy kürd ağalarının və Azərbaycan xanlarının intizarını çəkirdi. O özünə vədə verilən qüvvəni alar-almaz həm bizimlə hesablaşacaq, həm də Təbrizi lazımi qədər qarət eləyəcək və Qafqaza hücum edəcəkdi. Biz isə Helmiyə bu cür köməyin gəlməyəcəyini bilirdik, çünki onlar Miyandab, Marağa və Savucbulağı qarət etməklə hamının nifrətini qazanmışdılar, buna görə də Mirzağa Bülluri Helmini və İbrahim Fovzini vədlərlə doyururdu: – Bu gün Ələkbər xan Sövlətildövlə Qaradağdan beş min atlı ilə hərəkət edibdir. – Bu gün Böyük xan səkkiz min atlı, on topla Əhərdən Təbrizə yola çıxmışdır. – Əmir Əşairin yığdığı dörd min atlı Xalxaldan hərəkət edibdir. Verilən vədlərə görə on günün içərisində Təbrizə əlli minə qədər atlı qoşun yığılmalı idi, zahirdə isə Təbrizdə ancaq doqquz yüz nəfərə qədər başıpozuq və intizamsız bir dəstə var idi ki, bu dəstəni ruslarsız da baron Cəbrayılın düzəltdiyi asori dəstələri dağıda bilərdi. Bunun üçün də biz rəsmi olmasa da, bəzi yaxın tanışlar vasitəsilə Hacı Mirzağaya vəziyyətin qorxulu olduğunu anlatmışdıq. Biz onlara əllərindəki qüvvəti nahaq qırdırmamaq üçün müharibəsiz İran sərhədindən keçib getmələrini məsləhət görmüşdük. Lakin onlar öz xurcunlarını qran pul ilə doldurmaq üçün hələ də Təbrizdə qalmağa çalışırdılar. Sərdar Rəşid vasitəsilə verdiyimiz tələblərin ifasını da bu günə, sabaha salırdılar. Nəhayət, İnqilab komitəsi onlara qəti və şiddətli bir məktub göndərdi: Rus qoşunlarının Təbrizə hərəkət etməsi və baron Cəbrayılın asorilərdən silahlı dəstələr düzəltməsi Təbrizi gələcəkdə müharibə səhnəsi edə bilər. Buna görə də Təbrizi boşaltmaq üçün sizə bir gün möhlət veririk. Göstərilən müddətdə bu təklifə əməl olunmazsa, sizi silah gücünə Təbrizdən çıxarmağa məcbur olacağıq. Müdafiə komitəsi». Helmi bu məktubla vəziyyətin nə qədər çətin olduğunu anlamışdı, onun qərargahından aldığımız məlumatda Helminin Hacı Mirzağa Büllurini söyüb: cPəzəvəng oğlu, bizi quru vədlərlə doyurdunl Nerədə sənin vədə verdiyin canlı qüvvə?ə – deməsi xəbərləri gəlirdi. Bu məktubu alandan sonra Helmi və Mirzağa Təbrizdə inqilabçı ruhanilərə və o cümlədən 11-ci ildə Səməd xan tərəfindən edam edilmiş böyük Siqqətülislamın oğlu kiçik Siqqətülislama muraciət etdilər. Onlar öz müraciətnamələrində yazırdılar: dİslamı çar müstəmləkəçiləri əlindən qurtarmaq üçün Təbrizə girən qoşun dəstələrinin öz müqəddəs vəzifəsini yerinə yetirməsinə imkan vermirlər. Bu dəstənin əleyhinə mütəşəkkil və silahlı bir dəstə düzəlmişdir. Əleyhimizə düzələn bu dəstə bütün qüvvəsi ilə bizi yerli xalqın maddi və mənəvi yardımından məhrum etməyə və bizi məğlub etdirməyə çalışır. Bu qüvvə indiyə qədər bizim lehimizə işləyən yerli hökuməti də əleyhimizə qaldırıb. Dəstəmizin nəfərlərini döydürmək və zabitləri təhqir etmək, silahlı qüvvəmizi tərk-silah eləmək kimi uyğunsuz hadisələr də baş verməkdədir. Təbriz ruhaniləri islam məmləkəti daxilində islam ordusuna qarşı rəva görülən bu uyğunsuz hərəkətlərin qarşısını almağa çalışmalıdır. Bu gün o qüvvənin başçıları bizə Təbrizi boşaltmaq üçün ultimatum vermişlərdir. Bizimlə onların arasındakı ixtilafı həll etmək üçün müştərək bir iclas çağırmağınızı arzu edirikə. Helminin məktubu ilə bərabər Hacı Mirzağa Büllurinin özü də Siqqətülislamın yanına gedərək, məsələnin nə qədər ağır olduğunu və özlərinin çıxılmaz bir vəziyyətdə qaldıqlarını anlatmış və ixtilafın təsviyə olunmasını rica etmişdi. Biz Siqqətülislamın evində gündüz saat 11-də çağrılmış iclasa getmək üçün saat 10-da dəvətnamə almışdıq. İclasda bizdən beş nəfər, onlardan isə Helmi, İbrahim Fovzi, Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi iştirak edəcəkdi. Biz sərdar Rəşidin də yerli hökumət nümayəndəsi olmaq sifətilə iclasda iştirakını təklif etdik. Sıqqətülislam dərhal sərdar Rəşidin çağırılması üçün adamını göndərdi. İclasda silahlı qüvvə yox idi, silahlı olan yalnız Helmi bəyin yavəri idi. Bunun müqabilində də bizim tərəfdən gələnlərin sırasında əl bombası və tapançalar var idi. Helmi iclas salonuna girən kimi qabaqca Siqqətülislamın əlindən öpdü və başqaları ilə də görüşdükdən sonra mənim əlimi sıxıb yanımda oturdu. Məclisi Siqqətülislam bu sözlərlə açdı: – Yeddi ildir ki, bütün İran məmləkəti, o cümlədən Azərbaycan əyaləti də hadisələr ocağına çevrilmişdir. Təbrizlilər fəlakət və həqa- rətin ən ağır şəraiti altında yaşamaqdadır. Bizim gördüyümüz acı gün- ləri tarixdə heç kəs görməmişdir, bizim verdiyimiz qurbanların mislini heç bir kəs verməmişdir. Təbriz xalqının varlığına vurulan tarixi yaralar da hələlik sağalmamışdır. Top güllələrindən yıxılan binalar indi də təmir edilməmişdir, evlərdəki yaslar, matəmxanalar yığışdırılmamışdır. Hələlik anaların, bacıların əynindən qara paltarlar çıxarılmamışdır. Buna görə də bizə kömək etmək və qardaşlıq əlini uzatmaq şüarı ilə Təbrizə gələn din qardaşlarımız bizi ikinci bir əmr-vaqsii qarşısında qoymamalıdır. Artıq ikinci təhlükənin öhdəsindən gəlmək üçün Təbriz xalqının imkanı yoxdur, çünki biz özbaşımıza deyilik, mərkəz vardır, biz hazırda mərkəzin fikrini bilmirik, bəlkə də, cənab sərdar Rəşid bizə mərkəzin fikri barəsində məlumat verər. Sərdar Rəşid danışmaq istəmirdi, çünki, o, hər iki tərəfin zərərinə danışmaqdan çəkinirdi. Lakin Siqqətülislamın sözlərini cavabsız buraxa bilmədiyindən danışmağa məcbur oldu və: – Xartciyyə vəziri və baş vəzir Müstofilməmalik cənabları da Tehrandakı alman-osmanlı səfirlərinə bu barədə protest vermişlər, bizə də bu hərəkatda bitərəf qalmaq barəsində düsturuləməl göndərilmişdir, – dedi və o tərəf-bu tərəfə baxaraq, qorxa-qorxa əlavə etdi: – Yerli xalqın hüququnu, malını, canını müdafiə etmək barəsində mərkəzdən bizə göstəriş vardır. Buna görə də bəndə cənab komandana bir müraciət məktubu da yazıb bir çox tələblər vermişəm, Təbriz şəhəri içərisində müharibəyə imkan verməməsini bildirmişəm. Lakin cənab Helmi bəy bizim bir çox tələblərimizə cavab vermədiyi kimi, bu tələbimizə də cavab verməmişdir. Zənnimcə, həmin bugünkü iclasda o məsələlər həll olunacaqdır. Sərdar Rəşiddən sonra Helmi bəy başqalarının danışmasına imkan verməmək və məsələni dərinləşdirmək üçün müctəhiddən söz alıb danışdı: – Biz Azərbaycan sərhədini keçdiyimiz zaman düşmən bir məmləkətə yox, dost və qardaş bir xalqın köməyinə gəldiyimizi zənn edir və buna görə də böyük qurbanlar verməkdən çəkinmirdik. Biz verdiyimiz qurbanların və sərf etdiyimiz milyonlarca lirələrin hədər getməyəcəyini düşünür və özümüzün Təbriz xalqı tərəfindən çiçəklərlə qarşılanacağımızı zənn edirdik. Lakin bizim bütün düşüncələrimiz əksinə nəticə verdi. Qardaş azərbaycanlılar bizi çiçəklə yox, nifrət və lənətlə qarşıladı, bizi qardaş kimi yox, bir düşmən kimi istiqbal etdi. Təbriz xalqı bizə kömək vermək əvəzinə, nüfuzumuzun düşməsinə, silahlı dəstəmizin pozulmasına çalışdı, əsgərlərimizi təhqir etdi, onlar zabitlərimizi tərk-silah etdi, onlar bizim üzərimizə gül dəstələri yerinə bombalar atdılar. Nəhayət, onlar bizə öz simalarını lazımınca tanıtdıracaq bir məktub da yazdılar. – Helmi bu sözləri deyərək portfelindən Təbrizi boşaltmaq üçün göndərdiyimiz məktubu çıxarıb müctəhidə verdi. – Buyurub baxınız, belə bir məktubu qardaş bir hökumətin ordusuna yazmaq islamın şərəfinə yaraşarmı? Yenə də deyirəm, hərgah ruhani atadan və Təbriz xalqından qəti və səmimi yardım olursa, biz tanrının yardımı ilə yalnız Azərbaycanı deyil, Qafqaz islamlarını da çar qüvvələri əsirliyindən qurtara bilərik. Siqqətülislam Helminin sözlərindən mütəəssir olmuşdu, onda Helmini haqlı çıxarmaq üçün bir dönüş vücuda gəlməyə başlamışdı, bunun təsiri ilə də o mənə müraciət edib: – Buna sizin sözünüz nədir? – dedikdə mən: – Birinci növbədə cənab Helmi bəyin Təbriz xalqı haqqında dedikləri böhtanları rədd etmək istəyirəm, – dedim. – Təbriz xalqı Təbrizə gələn dəstənin həqiqi simasını təyin etmədən onların istiqbalına çıxdı, onları özlərinin ümid etmədikləri bir tərzdə csalavatə və cyaşasınə səsləri ilə Təbrizə daxil elədi. Təbriz xalqı onlara şəhərin ən gözəl binalarında yer verdi. Təbrizlilər özlərinin aclıq və yoxsulluğuna baxmayaraq, gələn qoşunun məsarifini də öz öhdəsinə götürmüşdür, buna görə də Helmi bəyin «Milyon lirə sərf olunmuşdum deməsi də yersizdir. İndi Helmi bəyə sual verirəm, bunların hansı birisi doğru deyil? Helmi bəy bunu inkar edə bilmədi. – Tamamilə doğrudur, – dedi. Mən yenə də ona sual verdim: – Təbriz xalqı bu ehtiram və təntənənin əvəzində sizdən nə kimi bir mükafat aldı? Helmi bəy bu sualın cavabını verə bilmədi, nəhayət, yenə mən özüm danışdım: – Əlbəttə, Helmi bəy bu utandırıcı suala cavab verə bilməz. Bu hörmətin əvəzində Helmi bəyin «xəlifə ordusu nəfərləri» küçəyə çıxan Təbriz qadınlarını tutub öz mənzillərinə çəkmək istədi. Helmi dəstəsi özlərini csalavatə və cyaşasınə səsləri ilə qarşıladığı bir şəhərə süngü və top gücü ilə alınmış bir şəhərə girən kimi girdi. Helmi bəyin dəstəsi bir güllə atmadan təslim olan şəhərdən 70 min tümən təzminati-hərbiyyə istəyir, onlar Hacı Mehdi Kuzəkünanini həbs edib, 15 min tümən alıb buraxdı, xalqın evlərinə soxulub, atını və nəqliyyat vasitələrini çəkib apardı. Təbrizə gələnlər heç bir günahı olmayan erməniləri qarət etməyə hazırlandılar. Onlar bu xəyanətdə yerli hökumətin də iştirak etməsini əldə etməyə çalışdılar. Buna görə də Təbriz xalqı bunların kömək yox, talan və qarət üçün gəldiklərini təyin edə bildi və bunlardan üz döndərdi, bunlara düşmən kimi baxmağa başladı. Bu saat cənab müctəhid «Helmi bəyin dəstəsindən kim razıdırsa, əlini qaldırsın?ə – deyə elan edərsə, bütün Təbrizdə ancaq Hacı Mirzağa Bülluridən başqa heç kəs əlini yuxarı qaldırmaz, çünki həmin bu aşı cənab hacının özü bişirmişdir. Biz eyni zamanda cənab Helmi bəyə məsləhət görürük ki, əlində olan bir ovuc qüvvənin tələf olmasına imkan verməsin, çünki Tiflis və Culfadan Təbriz üzərinə mühüm bir rus qüvvəsi göndərilmişdir. Hərgah Helmi bəy şəhərin içərisində özünü müdafiə etməyi düşünürsə, biz buna imkan verməyəcəyik, bunun üçün də sizdən şəhəri boşaltmağı tələb etmişik. Hacı Mirzağa Bülluri, Kəblə Hüseyn Fişəngçi heç bir söz danışmadı, ancaq Helmi bəy söz alıb şikayətedici bir tərzdə dedi: – Madam ki, Təbriz xalqı bizim qardaş köməyimizi təqdir etmədi, o zaman bizə iki gün möhlət verin, çünki Təbrizdən Qafqaza hərəkət etmək üçün dəstənin hazırlığı bitməmişdir. Lakin cənab müctəhid söz verməlidir ki, biz ruslarla qarşı-qarşıya gəldiyimiz zaman Təbriz xalqı bizi arxadan vurmayacaq. Müctəhid buna söz verdi. * * * Axtarışlar Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi. Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar. İkinci məsələ sərdar Rəşidin evinin axtarılması və onun son günlərdə oynadığı rolların nədən ibarət olmasını aydınlaşdırmaqdan ibarət idi, çünki biz sərdar Rəşidin sirlərini əldə etmədiyimiz və onu özümüzə təslim etdirmədiyimz təqdirdə o, ruslar Təbrizə gəldikdən sonra bizi çar konsulu vasitəsilə məhv edə bilərdi, əlbəttə, o bizim gizli təşkilat başında durduğumuzu artıq bilmişdi. O bizim silahlı dəstəmiz olduğunu bilirdi, o bizim sirlərimizi öyrənmişdi, inqilab komitəsinin başında kimlərin durduğundan xəbərdar idi. Mən sərdar Rəşid hökumət dairəsində olduğu zaman Mahru xanımı telefona çağırdım. Şərtimizə görə Mahru danışanın özü olduğunu mənə bildirmək üçün iki kərə 4Bəli, bəli işarəsi verməli idi. Mən də Xanım telefona zəhmət çəkə bilərmi?) – deyə işarə verməli idim. Mən dəstəyi götürüb səsləyən kimi qadın səsi gəldi və Bəli, bəli sözlərini eşitdim. Mən dübarə: – Telefonda kimdir? – dedikdə yenə də Mahrunun zərif səsini eşitdim: – Mahrudan başqa kim ola bilər? Siz kimsiniz? – Sizin səmimi dostunuzdur. – Əbülhəsənbəydirmi? – Hərgah bu ad sizi maraqlandırırsa, bir daha təkrar edirəm. Bəli, Əbülhəsənbəydir. – Adınızın məni maraqlandırdığını özünüz məndən daha yaxşı bilirsiniz. – Telefonla ancaq bu qədər danışmaq mümkündür, sizinlə birlikdə oturub danışmaq istəyirəm, – dedikdə Mahru: – Mümkündür, – deyə cavab verdi. – İndi bu saat bizə gələ bilərsinizmi? – Bu saat gələrəm. Bu söhbətdən yarım saat keçmədən Mahru xanım faytonla gəldi. O bu gün tələsirdi, buna görə də yerə oturan kimi dedim: – Mahru bacı, sizi bura ən mühüm bir işdən ötrü çağırmışam. Sərdar Rəşidin portfelindəki hökumət möhrü bizə lazımdır. Mahru bir az düşündü, sanki bu söz ona çox yersiz gəlirdi, buna görə də mənə sual verdi: – Mən o möhrü götürüb buramı gətirməliyəm? – Xeyr! – dedim. – Onu sərdar Rəşidin boş blanklarının üstünə basıb bizim üçün gətirməlisən. Bizim ona bərk ehtiyacımız vardır. – Bu mümkündür. Nə qədər olsun? – Hərgah onun blankları çoxdursa, on dənəsinə möhür vurub gətirərsiniz, hərgah azsa, götürüldüyü şübhə doğrurarsa, bir-ikisini gətirdin. – Sabah saat 9-da onları burada təhvil ala bilərsiniz. İndi də məni eşidin: sərdar Rəşid Helminin dəstəsi barəsində Qafqaz canişininə və Tiflisdə olan çar konsuluna təfsilən məlumat göndərdi, onların burada çətin və çıxılmaz bir vəziyyətdə qaldıqlarını xəbər verdi. Onların xalqı qarət etməsi və incitməsi, buna görə də xalqın köməyindən məhrum olması və sair işləri teleqramla yazıb bildirdi. Nə cürə siyasətdirsə anlamıram, ancaq sizin barənizdə çar konsuluna çox müsbət məlumat vermişdir. Məlumatda göstərilmişdir ki, hərgah Əbülhəsənbəy yerlilərdən cözünümüdafiəə dəstəsi düzəltməsə idi, başıpozuqların başçılarını qorxudub tərk-silah etdirməsəydi, onlar Təbrizi qarət edəcəkdi. O sizin yalnız şəhərin müsəlman hissəsini deyil, erməniləri də qətl-qarətdən mühafizə etdiyinizi, qarətləri və cərimələri qaytarmaq və Təbrizi təcili surətdə boşaltmaq üçün onlara qəti tələbnamə verdiyinizi konsula teleqramla bildirmişdir. Mən Mahrunun bu sözlərindən sonra gülərək: – Bunları yazmağa məcburdur, – dedim, – çünki o, bir tərəfdən şəhərin qarət olunması üçün başıpozuqlara kömək vermiş, o biri tərəfdən də bizi həbsə aldırmaq üçün öz evində ziyafət təşkil etdirmişdir. Onun bütün xəyanətlərini isbat edəcək vəsiqələr bizim əlimizdədir, o bütün varlığı ilə bizim əmrimizə bağlıdır, çünki sirlərini əlimizə almışıq, ruslar bura gələn gün biz onu nüfuzdan salar və həbs etdirə bilərik. Erməniləri və rus təbəələrini qırdırmaq və qarət etdirmək üçün çıxarılan qərara da imza etmişdir. Mən bu saat onun yanına gedirəm, ona başqa bir məsələni də təklif edəcəyəm, bu məsələni də ona qəbul etdirsəm, əlini və qolunu hər tərəfdən bağlamış olacağam. İndi siz mənə deyin görüm sərdar Rəşidin sərəncamında silah vardırmı? – Vardır. Bu saat da anbarda dörd yüzə qədər rus və üç yüzə qədər də Avstriya tüfəngi vardır. Bir sandıq da bomba var. – Bunları bilmək istəyirdim. İndi gedə bilərsiniz. Sabah saat 9-da sizi burada gözləyəcəyəm. Bağışlayın, sizə zəhmət verirəm. Salamat qalın. kok Mahru daim olduğu kimi yenə də özünə tapşırılan bu vəzifədən şadlandı. O, vəzifəni sevirdi, onun buna həddindən artıq həvəsi var idi, sanki bu möhkəm iradəli Azərbaycan qızı gizli iş aparmaq üçün doğulmuşdu. Onun üzərində Ninanın da böyük təsiri var idi, Mənə elə gəlirdi ki, bu qızın inqilaba olan bu qədər sıxı rəğbətinə başqa bir məsələ də təkan verirdi. Bu qız inqilabi nəzəriyyə cəhətincə savadsız idi, marksizmdən xəbərsiz idi və sinfi mübarizə yollarını da tanımırdı. Buna görə də bizim qarşımızda belə bir sual dururdu: bu qız nə səbəbə görə inqilaba kömək edir?1 Məncə, Mahrunu lazımınca öyrənə bilən hər bir adam yuxarıdakı suala belə bir cavab verə bilərdi: – Mahru inqilabçı deyil, lakin o, inqilabı sevir, çünki inqilab azərbaycanlıları müdafiə edir, onlar üçün azadlıq ümidi verir, çünki inqilabçılar yoxsulların və əzilənlərin dostudur. Eyni zamanda inqilab onun böyük düşməni olan sərdar Rəşidin də düşməni idi. Bütün bu səbəblər Mahrunu inqilabçılara bağlamışdı. Bu qızın gələcəyi bizə böyük ümidlər verirdi və biz onun daha geniş inkişafına inanırdıq. Lakin onun yaşadığı hazırkı həyat onun diriliyini təhlükə altına almışdı. Sərdar Rəşid onun başqasına ərə getməsinə imkan vermirdi. Bacı, bacı? deyə çağırdığı bu qıza sahiblənmək və onu öz şəhvətinə qurban etmək istəyirdi. Ona bir neçə kərə təcavüz etmək istəmiş, qız özünü onun əlindən silah və tapança gücünə qurtara bilmişdi. Qız bizim ona verdiyimiz öyüdlər, nəsihətlər, ümidlər nəticəsində yaşayırdı. O, intihar edəcəyi haqqında bir neçə kərə Ninaya işarətlər vermişdisə də, Nina onu bu fikrindən qaytarmışdı. Lakin bizim ona verdiyimiz vədləri həyata keçirmək çox çətin idi. Onu sərdar Rəşidin əlindən almaq vaxtı hələ yetişməmişdi. Onun bizimlə tanış olması da bu işə mane olurdu, onu bir tərəfə qaçırsaq, yaxud bir kəsə ərə versəydik, sərdar Rəşid bunu bizdən görəcəkdi. Onsuz da İraidanın qaçmasında o bizdən şübhəli idi. Faytonun qoşulmasını tapşırdım. Sərdar Rəşidlə görüşmək lazım idi. Ona əvvəlcə telefonla görüşmək istədiyimi bildirdim. O, bundan razı qaldığını bir neçə kərə təkrar etdi. Mən hökumət dairəsinə gəldiyim zaman Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçinin də qapıda durub icazə gözlədiklərini gördüm, lakin bizim tapşırığımıza görə sərdar Rəşid onların içəri girməsinə icazə verməmişdi. Onlar məni görən kimi istər-istəməz salamlaşdılar, lakin mən artıq dayanmayaraq qapıya yanaşdım, sərbaz yol göstərib cbuyurunə dedi və mən içəri girdim. Sərdar Rəşid məni gördüyü zaman sanki sevindi və yanındakılara: – Ağalar, mürəxxəssiniz! – deyərək kabineti boşaltdı. Mən onun əhvalını soruşdum: – Həzrət əşrəf özünü nə cür hiss edir? ” Sərkarın mərhəmətindən çox yaxşıyıq. Həqiqətdə sizin bu son hadisələrdə bizə və rus hökumətinə olan xidmətiniz fövqəladə bir xidmətdir. Mən bunu, öz yanımızda qalsın, konsul cənablarına və mərkəzə də xəbər vermişəm. Siz İran hökumətinin namusunu və xalqının heysiyyətini müdafiə etdiniz, biləks xalq bərbad olacaqdı, Allah-taala sizi bizə bir nemət kimi çox görməsin! Mən məqsədim üçün giriş əldə etdiyimdən sözə başladım: – Mən də sizin bir para səhvlərinizi nəzərə almayaraq, son günlər çox məqul və namuslu hərəkət etdiyinizi təsdiq edirəm. Bu barədə fürsət düşəndə cənab general-konsulla da söhbət edəcəyəm. Sərdar Rəşid burada mənim sözümü kəsərək: – Burası cənab sərkarın iltifatından asılıdır. Mənim konsul cənablarının yanında olan hörmətim də sizin başınızın ucalığıdır, – dedi. Sözümə davam etdim: – Mənim də bura gəldiyim həmin məsələ üçündür. Mən istəyirəm ki, bizim son günlər göstərdiyimiz fəaliyyət və Təbrizi müdafiə edib qarətdən qurtardığımız barəsindəki müvəffəqiyyətlər həzrət əşrəfin adına və şəxsiyyətinə məxsus olsun, bizim bütün təşəbbüslərimiz həzrət əşrəfin xüsusi təşəbbüsü kimi qeyd olunsun: belə olursa həm Tehran hökuməti, həm də cənab genaral-konsul sizin bu son hadisələrdəki dəyərinizi və məqul siyasət apardığınızı qeyd edər. Siz bunu təqdir edirsinizmi? – Xeyli məqul təşəbbüsdür. Bu, yenə də ağanın bizə olan sadəqətindən asılıdır. Bizim şərəfimiz sizin şərəfinizdir. Bizim namusumuz sizin namusunuzdur. – İndi həzrət əşrəfə öz təklifimi etməzdən əvvəl bir sual da vermək istəyirəm, çünki edəcəyim təklifin həyata keçirilməsi sizin mənə yüz faiz inanmağınızdan asılıdır. – Cavan qardaşımın qəbrinə, Mahrunun canına and içirəm ki, mən cənab sərkara öz gözüm kimi inanıram. – İndi ki, inanırsınız, məni çox diqqətlə eşidin. Sizə məlumdur ki, biz Təbrizi sizdən və başqalarından yardım almadan belə müdafiə etdik, bizim əlimiz tamamilə boş idi. Siz bilirsiniz ki, Hacı Səməd xan Təbrizi tamamilə tərk-silah etmişdir, biz boş əl ilə beşon nəfər məhlə uşaqlarından başımıza yığıb böyük bir dəstəni qorxutduq. Əvvəlcə tövlələrdən at çəkən əsgərləri döydürdük, sonra sizin ziyafətinizdə onların özünü tərk-silah etdik. Burada cəmi on nəfər iştirak edirdi. Lakin Helmi bəy bunu mən deyən kimi bilmirdi, onların zənnincə, Təbrizi başdan-ayağa müdafiə üçün silahlandırmışdıq. Bunu yalnız onlar deyil, sabah-birigün cənab genera!-konsul da Təbrizə gəlsə, Təbrizdə gizli və silahlı bir qüvvətin mövcud olduğunu hiss edəcək, bizdən şübhələnəcikdir, ola bilər ki, bizdən dörd min, beş min adamın silahını da istəsin. Bunun kimi də Tehran hökuməti sizi məzəmmət etməyə haqlıdır, çünki sizin vücudunuzla bərabər, Təbrizdə gizli təşkilat və gizli hərbi qüvvə olduğunu söyləyəcək və sizi məzəmmət edəcəklər. Bunun qarşısını almaq üçün də siz cözünümüdafiəəp komitəsi adına üç yüz tüfəng, bir miqdar patron, on dənə də bomba buraxılmasına əmr yazasınız. Biz o silahları cənab general-konsul Təbrizə gəldiyi zaman gətirib sizə təhvil verərik. Bu təşəbbüs həm sizin Təbrizi müdafiə işindəki müvəffəqiyyətinizi təmin edər, həm də bizi gələcəkdə konsulun və mərkəzi hökumətin şübhəsi qarşısında qoymaz. Bu fikri bəyənirsinizmi? – Bəyənirəm, lakin qorxuram ki, o zaman camaatdan silahları yığmaq mümkün olmasın. – Camaat kimdir? Camaat dediyiniz bir həzrət əşrəf, bir də mənəmil Silahlar bir anbardan çıxarılıb yenə də başqa bir anbarda sizin və mənim ixtiyarımda qalacaqdır, sonra da onları gətirib «camaatdan yığdıq? deyə həmin anbara təhvil verəcəyik. Sərdar Rəşid bu fikri bəyəndi və əmrnamə yazdı, əmrnamənin tarixini isə on gün əvvəldən qoydu. Mən əmrmaməni aldım, gecə qaranlıq düşdükdə silahlar və patronlar anbardan çıxarılacaqdı. Sərdar Rəşidlə vidalaşıb dışarı çıxdıqda yenə də Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçini qapıda gördüm. ci Son günlər Almaniyanın İranı hər necə olursa-olsun dünya müharibəsində iştiraka cəlb etmək istəməsi xəbərləri ağızdan-ağıza gəzirdi. Helminin bu dəstə ilə Təbrizi işğal etməsi də, İranın Rusiya əleyhinə olaraq bitərəfliyini pozmaq demək idi. Təbrizdə cavan şahın az bir para müqabilində almanlara satılması söhbəti də var idi. Buna görə də Əbülfət Mirzənin evində bu xəbərləri təsdiq edə biləcək vəsiqələrin əldə edilməsinə ümid edirdik. Son günlər Təbrizdən alınan xəbərlərə görə İran hökuməti və sədri-əzəm Müstofilməmalik rusları güzəştə məcbur etmək üçün Almaniya dövlətinə rəğbət bəsləməyə başlamışdı. Hazırda Əbülfət Mirzənin evinin axtarılması Təbrizdə sərdar Rəşidin mövqeyini də laxladar və Tehranda özünə qarşı fəna təsirlər yarada bilərdi. Gecə saat biri keçmişdi. Başda Kazımzadə olmaq üzrə dörd nəfər Əbülfət Mirzənin yaşadığı binanın həyətinə düşdü, həyəti birinci növbədə lazımi qədər yoxladılar, çıxacaq yer yox idi, Telefonun simlərini kəsdilər, nökərlər, xidmətçilər yatan otaqların qapılarını eşikdən bağlayıb yanında qarovul qoydular, sonra da Əbülfət Mirzə və ailəsi yaşayan otaqların dəhliz qapısını vurdular. Dəhlizdən bir səs eşidildi: – Qulamhüseyn, nə istəyirsən?1 Nə üçün ağanın rahatlığını pozursan?l Şübhəsizdir ki, dəhlizdən səslənən qadın nökərlərdən Qulamhüseynin qapını döyməsini zənn edirdi, buna görə də Kazımzadə cavab verdi: – Xanm, qapını döyən hökumətdir, qapını açın. Qadın: – Qoyun Əbülfətə xəbər verim, – deyərək getdi. Bu adam Əbülfət Mirzənin qoca dayəsi idi. Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı, o heç də həyəcan göstərmirdi, çöhrəsində heç bir qorxu əlaməti də yox idi, çünki onun İran hökumətindən və Azərbaycan valisi sərdar Rəşiddən heç bir qorxusu yox idi. Sərdar Rəşid özünü hər bir kiçik qüvvənin və az bir paranın sərəncamına verməyə hazır olduğu kimi, Almaniyanın da sərəncamına verməyə hazır idi. Əbülfət Mirzə qapını açan kimi qarşısında böyük rütbəli bir İran məmurunu və iki polis nəfərini gördü. O, bir neçə saniyə qapıda dayananları diqqətlə nəzərindən keçirəndən sonra: – Ağalar nə üçün təşrif gətiriblər? – dedi. Kazımzadə: – Cənab şahzadənin evini, bəzi gizli vəsiqələrlə tanış olmaq üçün təftiş edəcəyik. Əbülfət Mirzə çox təəccüblə soruşdu: – Mənim evimi təftiş? – Bəli, cənab şahzadə, sizin evinizi təftiş!.. – Sizi kim göndərmişdir? – Bizi həzrət əşrəf sərdar Rəşid cənabları göndərmişdir. – Ola bilməz. Bəlkə, sizi Lilavalı Əbülfət xanın evini təftiş etməyə göndəriblər? – Xeyr, əmrmamədə sabit alman konsulxanası katibi cənab şahzadə Əbülfət Mirzə yazılmışdır. – Hanı o fərman? Mən fərmanı görməyincə sizi evə buraxmaram. Kazımzadə: – Bu saat hökumətin möhrü ilə möhürlənmiş fərmanı sizə göstərim, – deyərək qoltuğundakı qovluqdan fərmanı çıxarıb verdi. Əbülfət Mirzə yanındakı qoca qadına müraciətlə: – Çeşməyi gətir! – dedikdə qadın başı titrəyə-titrəyə getdi. Əbülfət Mirzə isə öz-özünə danışırdı: – Mən heç nə anlaya bilmirəm, biz onunla bu axşam görüşüb danışmışıq, bu barədə mənə heç bir söz də buyurmayıbdır, bu nə deməkdir?l Bu mənim yaxşılıqlarımın mükafatıdırmı? Bu da dostluğun qaydasıdırmı? Gecənin yarısında mənim evimi təftişə göndərməyin nə mənası vardır? Sabah ona Tehran nə deyər? Lələ çeşməyi gətirdi, Əbülfət Mirzə əlləri titrəyə-titrəyə aldı, gözünə taxıb oxumağa başladı: Sabiq alman konsulxanası katibi cənab şahzadə Əbülfət Mirzənin evində Rusiya ilə İran hökumətinin dostluq münasibətini pozacaq və İran dövlətinin nüfuzunu düşürəcək vəsiqələrin olmasını təyin etmək üçün Tehrandan daxiliyyə nazirindən əmr alınmışdır. Buna görə də əmmnamənin həyata keçirilməsinə və məzkur vəsiqələrin əldə edilməsinə əmr edirəm. Sərdar Rəşidə. Əbülfət Mirzə çeşməyi gözündən çıxarıb: – Eybi yoxdur, qoy axtarsınlar, – deyərək Kazımzadəyə muraciət etdi. – Cənab sərtib), bu fərman bəndədə qala bilərmi? Kazımzadə əsgəri nizam alaraq: – Bəli, cənab şahzadə, fərman bir vəsiqə olaraq sizin əlinizdə qalmalıdır. Əbülfət Mirzə çox qorxa-qorxa Kazımzadəyə müraciətlə: – Cənab sərtib, indi buyura bilərsiniz, – dedi. Böyük bir salona girdilər. Əbülfət Mirzə Kazımzadəyə müraciət etdi: – Cənab sərtib, əyləşin, – dedi, – təftiş nə üçün lazımdır? Sizin özünüzmü təftiş edəcəksiniz və yaxud bəndə özüm sizə istədiklərinizi gətirməliyəm? – Əvvəla, budur ki, siz öz evinizdə olan bütün vəsiqələri gətirib göstərməlisiniz. – Nə kimi vəsiqələri? – Sizin özünüzə və alman konsulxanasına aid vəsiqələri, bir parçasına qədər gətirməlisiniz. Əbülfət Mirzə qalxdı, ipək pərdəni qaldırdı, oradakı yorğan-döşəyin içərisindən ağzı möhürlənmiş bir kisə çıxardı və qəti bir səslə: – Alman konsulxanasının vəsiqələri bundan ibarətdir, – dedi. – Hərgah sərdar Rəşidin özü bunları məndən istəsəydi kamal-məmnuniyyətlə aparıb göstərərdim. Əlhəmdülillah biz özümüz bu məmləkətin xeyirxahlarındanıq. Yenə də Kazımzadə hərbi vəziyyət alaraq: – Cənab şahzadə, belədir ki, buyurursunuz, – dedi. – İndisə, hərgah zəhmət deyildirsə, cənab şahzadənin şəxsi məktub və şəxsi vəsiqələrini gətirin. Bu sözdə şahzadə təbil halından çıxdı: – Bəndeyi-xuda, mənim xüsusi vəsiqələrim və məktublarımla nə işiniz vardır? Mən ki, cani deyiləm, xəyanətkar deyiləm, bir nəfər şahzadənin də barəsində bu təhqiri rəva görmək olarmı? Mən bu saatda sərdar Rəşidə telefon edərəm, bu nə ədəbsizlikdir? Yenə də Kazımzadə etidalını pozmayaraq, bir əsgər kimi təzim etdi: – Cənab şahzadənin ixtiyarı vardır, telefon edə bilərsiniz, – dedikdə Əbülfət Mirzə telefonun dəstəyini götürdü. Lakin telefon danışmırdı, çünki onun simləri kəsilmişdi. 1 Sərtib – polkovnik mənasındadır. Kazımzadə oturub papiros çəkirdi, Əbülfət Mirzə isə telefonun dəstəyini tez-tez püfləyərək, telefonxananı pis-pis söyüşlərlə söyürdü. Nəhayət, üzünü Kazımzadəyə çevirib: – Belə zamanlarda mirasa qalmış telefonlar da işləmir, – dedikdə Kazımzadə cavabında: – Bəli, cənab şahzadə, belə hadisələr çox tez-tez olur, – dedi. – Mən bu saat məktub yazıb cənab sərdar Rəşidə göndərə bilərəmmi? Sizin də mükafatınız gözüm üstündə. – Xeyr, bu, mümkün deyil, bu hərəkət bizim hökumət fərmanını yerinə yetirə bilmədiyimiz deməkdir. Həzrət əşrəf bu barədə bizə icazə verməmişdir. – Siz buna razı olun, mən onun özünü də, sizi də razı salaram, sizinlə də dostluğumuz davam edər. – Cənab şahzadə, vaxtı keçirməyinl Sazişə imkan yoxdur. Sabah həzrət əşrəflə hər barədə danışa bilərsiniz. – Bu olmadı ki?l – Belə də olmalıdır, cənab şahzadə! – Siz bunu sabaha qədər təxirə salmaq üçün... bir bura zəhmət çəkin... Bircə kəlmə deyəcəyəm. – Buyurun, hər nə ki, istəyirsiniz burada da deyə bilərsiniz. – Bəlkə polislərin yanında yaxşı düşmədi. – Eybi yoxdur, buyurun! – Bu işi sabaha qədər təxirə salmağa neçə versəm yaxşıdır? Sən də qulluqçusan, aldığın maaş da məlumdur, sənin də işin düzəlsin, mənim də abrım getməsin. Sözün nədir? Doğru demirəmmi? – Xeyr, cənab şahzadə, təklifiniz heç bir qiymətlə qəbul oluna- «aq təklif deyildir. Rica edirəm bizi yubandırmayın, əks-surətdə biz azad hərəkət etmək məcburiyyətində qalacağıq. – Cənab sərtib, bəs belə niyə? Necə yəni azad hərəkət? Gədə, nə olub məgər, heç böyük-kiçik yoxmu? Kazımzadə qəti bir səslə: – Yubandırmayın, cənab şahzadə! Bizim çox danışmağa vaxtımız yoxdur, – dedi və polislərə əmr etdi. – Evi axtarın! Şahzadə Əbülfət Mirzə bu sözü eşitdikdən sonra qəmli bir surətdə ayağa qalxdı və böyük sandığın içərisindən bir cəbə çıxarıb aralığa qoydu. Kazımzadə yenə də: – Cənab şahzadə icazə versəydi yazı mizinin gözlərini də təftiş edərdik. – Orada heç bir əhəmiyyətli şey yoxdur. Lazımsız kağız-kuğuzdur. – Əhəmiyyətli olmasa da, qiymətli ola bilər. – Qəribə adamlarsınız hal Biryerli deyin ki, siçan deşiyinə qədər axtaracağıq da... – Mümkün olursa eybi nədir?1 Artıq rica yox, əmr edirəm, bir parça kağız qalıncaya qədər gətirməlisiniz, sonra axtaracağıq. Hərgah bir şey tapılsa, həyatınızla məsulsunuz. Bildiniz ki? – Bəli, bildim. – İndisə durub gətirin! – Başına dönüm, çığır-bağır lazım deyil, elə eləyin ki, arvad-uşaq ayılmasın. – Orası sizin rəftarınızdan asılıdır, hərgah övrətlər otağında bir şey varsa, özünüz gətirin, əksinə olursa, bizim özümüz girib axtarmağa məcbur olacağıq. – Yox, yox, elə bir şey lazım deyil. Hər nə varsa özüm gətirib verərəm. Şahzadə hər nə ki, məktub, vəsiqə kağız-filan varsa gətirdi, sonra da yazı masasının yeşiklərini açmağa başladı. Şahzadə oturub boynunu irəli uzatmışdı, Qacar şahzadəsinə öz yazı masasının açılması çox ağır gəlirdi. Masanın orta yeşiyinin açarı yox idi, növbə həmin yeşiyə çatanda Əbülfət Mirzə yenə də açmaqdan boyun qaçırıb: – Cənab sərtib, həqiqətdə orada qabili-təvəccöh heç bir şey yoxdur, – dedi. – Ola da bilər. Lakin açılmalıdır, çünki həzrət əşrəf başqa cürə icazə verməmişdir. – Axı orada qabili-təvəccöh bir şey yoxdur, bizim ailənin və uşaqların şəkilləridir. Hər halda müsəlmanlıqdır, irz-namus məsələsidir, övrət şəklinə baxmaq ki, haramdır, onları naməhrəm əlinə vermək şəriətdə caiz deyildir, əlhəmdülillah müsəlmansınız. – Açmasanız masanı sındırmalıyıq. Polis qılıncı çəkib masanı sındırmaq istədikdə Əbülfət Mirzə cibindən kiçik bir açar çıxarıb verdi: – Alın, belə müsəlmanlıq olmaz! Xalqın bağlı sandığını açmaq heç dində və heç bir şəriətdə caiz deyil. Yeşiyi açdılar, burada bir dənə də olsun vəsiqə yox idi, böyük bir qovluğun içində cürbəcür açıq məktublar və əxlaqsız qadın və kişilərin şəkilləri var idi. Bu vərəqələrdə əxlaqsızın cürbəcür vəziyyətlərini görüncə zabit şahzadəyə müraciətlə: – Cənab şahzadənin ailəsi bunlardırmı? Hərgah bunlardırsa, biz bunları sizə qaytarırıq. – Xeyr! Bəndə bunları ərz eləmədim, – deyərək rəngi qızardı və başını dizlərinə dikib verilən suala cavab verməyə başladı. Nəhayət, yeşikdən qiymətli daşlarla bəzənmiş bir cüt qadın şəkli çıxdı. Bunların başında brilyantlı çıqqalar olduğundan şahzadə xanımlar olması ehtimalı var idi. Əbülfət Mirzə bunları görürkən: – Bunlar əmiqızılarımdır. Şahzadə Zillisoltanın qızlarıdır, – dedi. Doğrudan da, qızlar Zillisoltanın qızları idi. İranda gözəllikdə birinci sayılan və əxlaq pozğunluğunda da şöhrət tapan şahzadə xanımların şəkli idi. Şəklin dalısını çevirib baxdıqda Əbülfət Mirzə: – Şahzadə xanım çox mahir şairədir, – dedi, – şəklin dalında yazılan təsnifi şahzadə xanımın özü yazmışdır. Calibi-məhəbbəti mən Mən düxtəri-Zillisoltanəm, Çiraği-çəşmi-İranəm, Mən ki, zi eşqət heyranəm. Biya-biya nazəm məkun, Biya, ləb məra busə gün. Dər asiman zibayi, Meh münirəm qəmərəm, Bəcanəm, ahəstə bəbus, Bəxuda məşngən kəmərəm./ Şahzadənin yazı masasının yeşiyindən Tehranda nə qədər fahişə varsa onların şəkilləri çıxdı. Müzəffərəddin şahın qızı Tacissəltənədən başlamış, Əziz Kaşi, şahzadə Məlük, şahzadə Zağoli, Ərusi-mühacir, Zəhrayi-Siyah, Nə- i Mən Zillisoltanın qızıyam, İranın gözünün işığıyam, mən ki sənin eşqindən heyranam, gəl, gəl naz etmə, gəl dodaqlarımdan öp. Mən gözəllik səmasının qızıyam, sən mənim canım, yavaş öp, Allahı sevirsən belimi əzmə. ciməddövlə, Qəmərildövlə və sairələrinin yadigar vermiş şəkilləri şahzadənin yazı masasında idi. Mütrüblərdən Əli xan, urmulu Yusif xan, Heydər xan, təbrizli mütrüb Məcidin əli kəmərində alınmış rəsmləri də cənab şahzadənin yeşiyində idi. Vəsiqələri və şəkilləri bir kisəyə doldurduqda Əbülfət Mirzə on səkkiz yaşlarında gözəl bir oğlan şəklini götürüb: – Rica edirəm hər nə istəyirsiniz verim, bunu aparmayın, dedisə də, ricası qəbula keçmədi, bu şəkil keçmişdə Məmmədəli Mirzənin yanında saxladığı Abdin xan Mücəlüssoltanın şəkli idil, * * * Sərdar Rəşidin evində axtarış Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü. Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı. Lakin bizim müvəffəqiyyət qazanmağımız nəticəsində almanlarin bütün planları darmadağın oldu və sərdar Rəşid də aldığı böyük para müqabilində, az da olsa, bir iş görə bilmədi. Bu vəsiqələrdən sonra qarşıda daha başqa bir məsələ dururdu. O məsələ də sərdar Rəşidin Tehranla və rus konsulxanası ilə saxladığı əlaqənin şəklini öyrənməkdən ibarət idi. Buna görə də sərdar Rəşidin evini axtarmaq lazım gəlirdi. Biz öz adımızdan sərdar Rəşidin evini axtarmağı bacarmazdıq, çünki o bizi artıq tanıyırdı. Bizim təşkilatımızı bir çox hadisələr nəticəsində öyrənmişdi. Buna görə də onun evini yenə də Helminin tərəfindən və Helminin adından təftiş etməyi qərara almışdıq. Bunu təxirə salmaq olmazdı, çünki bizim verdiyimiz tələbat nəticəsində, Helmi yığışıb Təbrizdən gedirdi. Artıq dəstənin ağırlıqları Sofyana köçürülmüşdü. Sərdar Rəşidin evinə girmək üçün iyirmi nəfər hazırlanmışdı, bunlar yalnız sərdar Rəşidin evində olan vəsiqələrlə kifayətlənməyərək, onun rüşvət paraları ilə doldurulmuş sandıqlarını da boşaltmalı idi. Təftiş üçün gedənlər Helmi bəyin adından bu məzmunda bir məktub aparmalı idi: «Almaniya mənafeyi uğrunda çalışdığınız üçün sentyabr ayının 21-də Əbülfət Mirzə vasitəsilə aldığınız yüz min tümən paranı təcili surətdə qaytarasınız. Təftiş komisyonuna sizdən paraları almaq və evinizdəki alman əleyhdarlığına dair vəsiqələri götürmək əmri verilmişdirə. İnqilab komitəsinin göstərişinə görə vaxtikən Mahrunu çağırıb bu barədə danışmışdıq, gizli vəsiqələr saxlanılan yerləri, gümüş və kağız paralar saxlanan sandıqları, qiymətli daşlar və cavahiratlar qoyulan cəbələri və sairələri öyrənmişdik. Hərgah sərdar Rəşid bu şeylərin yerlərini göstərməzsə, təftişə gedənlərin özləri belə şeylərin yerini tapmaqda çətinlik çəkməyəcəkdi. Lakin onlara öz hərəkətlərində evin içərsindən xəbər verildiyini hiss etdirməmək qəti surətdə tapşırılmışdı, çünki burası Mahru haqqında şübhə doğura bilərdi. Bizi düşündürən başqa bir məsələ də var idi: sərdar Rəşidin evi Əbülfət Mirzənin evinə bənzəməzdi, bu qapıda nökərlər, sərbazlar və sairələri dururdu. İçəri girmək üçün çarə tapmaq lazım idi. Çox düşündükdən sonra yenə Əbülfət Mirzənin adından istifadə etmək qərarına gəlmişdik. Gecə saat 12-də Şəfi Şabanzadə bir nəfər yoldaşla sərdar Rəşidin qapısına yanaşacaq və Əbülfət Mirzənin adı ilə içəri girəcək idi. Belə də oldu. Şabanzadə qapıda duran qarovula yanaşaraq: – Get, həzrət əşrəfə xəbər ver ki, Əbülfət Mirzə onun hüzuruna müşərrəf olmaq istəyir. Qarovul bu sözdən sonra həzrət əşrəfə xəbər vermək üçün küçə dəhlizinə girərkən, Şabanzadə ilə yoldaşları dəhlizə girib qarovulu tərk-silah etdilər və ağzını, əl-ayağını bağlayıb böyrü üstə yıxdılar, Şabanzadənin yoldaşları da qapıya yanaşdı, onlardan bir nəfərini qarovul yerində qoydular və içəriyə heç kəsin buraxılmamasını tapşırdılar. Şabanzadə özü ilə bərabər on nəfər götürdü, qalan yoldaşları da küçədə və evin ətrafında buraxıb, hər ehtimala qarşı ehtiyatla hərəkət etmələrini tapşırdı. Şabanzadə səs çıxarmadan nökərlərin otağına gəldi. Onların hamısını yatdıqları yerdə yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. Silahlarını aldılar, yanlarında isə əlində bomba iki nəfər adam qoydular. Küçə dəhlizində qolları bağlanmış qarovulu da sürüyüb otağa salandan sonra sərdar Rəşidin yaşadığı otaqlara yanaşdılar. Salonun və dəhlizin lampaları sönməmişdi, lakin nökərlərin sərxoş olub yatmaları sərdar Rəşidin evində özlərindən başqa kimsənin olmadığını göstərirdi, çünki ağa cazadsınızə demədən nökərlər öz vəzifələrindən çəkilməzdilər. Telefon simləri kəsilmişdi, həyətə girəcək və həyətdən çıxacaq yerlər tutulmuşdu. Heç bir hadisə üz verə bilməzdi. Buna görə də Şabanzadə dəhlizin qapısını vurdu, kiçik bir ev nökəri qapını açdı, açan kimi iki tapançanın lüləsini öz gözlərində görməklə bu səsi eşitdi: – Səsini çıxarma! Düş qabağıma, xidmətçi qadınlar yatan otağı göstər! Nökər dəhlizdən salona keçərək orada kiçik bir otağı göstərdi. Şabanzadə xidmətçi oğlanı da həmin otağa buraxıb, qapısında da bir nəfər silahlı qarovulçu qoydu. Sərdar Rəşid öz yazı otağında idi, Mahru xanım da onun yanında əyləşmişdi, çünki o işlədiyi zaman yazı işlərinə kömək etmək bəhanəsi ilə Mahrunu yanında əyləşdirər və öz konyak piyaləsini onun əlindən alıb içərdi. Sərdar Rəşid başını yazıdan qaldırıb: – Mahru, bir konyak ver! – dedi. – Mahru konyakı doldurub verdikdən sonra lumu suyu ilə düzəlmiş konfeti götürüb ona verdiyi zaman pəncərələrin hər birisindən bir onaçılan tapançanın lüləsi görünməyə başladı və bunun dalınca da bir səs gəldi: – Əllərinizi yuxarı qaldırın, yerinizdən tərpənməyin! – dedikdə sərdar Rəşid əlindəki konyak piyaləsini yerə qoyub əllərini yuxarı qaldırdı. Mahru da onunla bərabər əllərini yuxarı qaldırdı. Bir saniyə keçmədən Şabanzadə bir osmanlı zabiti qiyafəsində, yanında dörd nəfər əsgər otağa daxil oldu və sərdar Rəşidə müraciətlə: – Yazı masasının başından qalxi – dedi. Sərdar Rəşid əlləri yuxarı olduğu halda qalxdı və otağın ortasında durdu. Şabanzadə əsgərin birisinə əmr etdi: – Axtarın bunun üstünü! Axtardılar, silahı yox idi. O, titrək bir səslə: – Tapança yazı masasının üzərindədir, – dedi. Bir əsgər gedib tapançanı götürdü. Yenə də Şabanzadə sərdar Rəşidə tərəf dönüb: – Oturun! – dedi və sonra Mahruya: – Həyəcana lüzum yoxdur, burada otura da bilərsiniz, – dedikdə Mahru gözlərini Şabanzadə tərəfə döndərib: – Mümkünsə mən otağıma getmək istəyirəm, – dedikdə Şabanzadə bir əsgərə: – Xanım əfəndini müşayiət edin, – dedi. Mahru qalxıb getdi. Sərdar Rəşid oturub qorxusundan nə edəcəyini və nə deyəcəyini bilmirdi. Şabanzadə bir papiros yandırıb danışdı: – Siz komandan paşanı və onun zabitlərini qəbul etmədiyiniz üçün biz komandan paşanın məktubunu sizə yetirmək üçün bu cür tədbirlərə əl atmalı olduq. Buna görə də həzrət əşrəf bu küstahlığı özünün komandan paşaya qarşı tutduğu layiqsiz vəziyyətlərlə əlaqədar bilməlidir. Sərdar Rəşidin dili açıldı və Şabanzadəyə yalvarıcı bir dillə müraciət edib soruşdu: – Cənab zabit, bir papiros götürmək olarmı? – Buyura bilərsiniz! Şabanzadənin icazəsindən sonra sərdar Rəşid bir papiros yandırib çəkdi və özünü ələ alaraq: – Komandan paşa həzrətlərinin özləri çox gözəl bilir ki, bizi özbaşımıza qoymadılar. Ona məlumdur ki, bizim yaxamız bir ovuc əşrarın əlində qalıbdır. Bu işləri bu məqama gətirib çıxaran və komandan paşa ilə bizim əlaqəmizi pozan həmin bu Əbülhəsənbəydir. Komandan paşa onu bizim ziyafətdə tanımadımı? O özü bilir ki, mən o haramzadəni tutub onun əlinə tapşırmaq istəyirdim. Bunu cənab şahzadə Əbülfət Mirzə bilmirmi? Mən onun vasitəsilə öz fikrimi komandan paşaya bildirməmişəmmi? – Bizim bunlarla işimiz yoxdur, – deyə Şabanzadə Helmi bəy adından yazılmış məktubu ona uzatdı: – Bu məktubu oxuyub təcili surətdə əməl etməlisiniz. Sərdar Rəşid əli titrəyə-titrəyə məktubu oxudu və udquna-udquna cavab verdi: – Cənab şahzadə Əbülfət Mirzə özü bilir ki, mən həmin pulu özüm üçün almamışam, onu yüz adama paylamışam, hərgah məqsədə nail olmadımsa, onu da məndən yox, o xəbis oğlu xəbis Əbülhəsənbəydən görməlisiniz. Ağa zabit, indi özünüz mültəfit olun, bəndə gecənin bu vaxtında yüz min tümən pulu haradan tapım? Eybi yoxdur, qoyun sabaha qalsın, o tərəf-bu tərəfdən düzəldib verim, əlacım nədir? – Bu möhləti sizə vermək üçün bizə icazə verilməmişdir, yüz min tüməni bu saat verməlisiniz! – Haradan verim? – Onda sizi həbsə almaq və təcili surətdə Türkiyəyə göndərmək məcburiyyətində qalacağıq. Bizim işimizi təxirə salmayın, bizə iki saatdan artıq icazə verilməmişdir. Hər dəqiqə təxir sizin məsuliyyətinizi artırır. – Qoyun komandan paşaya telefon edim, özündən sabaha kimi icazə alım! Zabit çox qəti olaraq: – İcazə verilmir! – dedikdən sonra sərdar Rəşid öz-özünə danışmağa başladı: – Baisin evi yıxılsın, məgər qoyurlar ki, adam öz işini görsün? Özüm də bədbəxt oldum, onların da yanında üzüm qara qaldı, – deyəndən sonra zabit: – Həzrət əşrəfi ərkani-hərbə götürün! – deyə əsgərlərə əmr etdi. Şabanzadə bu əmri verdikdən sonra sərdar Rəşid tələsik bir surətdə dedi: – Xeyr, ağa! Cənab zabit mənim dediklərimə mültəfit olmadı... Bəndənin dediyi budur ki, gecənin bu vaxtında yüz min tümən gümüş pulu tapa bilmərəm. Eybi nədir, buyurub qiymət edin, günün kursu ilə ingilis və Amerika pulu verim. – Tez dur gətir! Sənin yanında bir ordu nümayəndəsidir. Biz sənin üçün İstanbul bursəçiləri deyilik ki, əcnəbi paralarına qiymət təyin edək. Haydı, bizimlə bazarlıq yapma! Sərdar Rəşid qalxıb qalın göndən tikilmiş böyük bir sandığı açdı, orada az miqdarda gümüş para olduğuna baxmayaraq, hədsiz-hesabsız Amerika və ingilis kağız paraları var idi. Sandıqdakı əlavə bir sandıqçanın içərisində əlli min manata qədər çar qızıl və kağız pulları vardı. Sərdar Rəşid bir dəstə Amerika dolları götürüb Şabanzadəyə göstərdi: – Burada 40 min dollardır, hazırda Təbriz bazarında dolların birisi 15 qrandır, bu eləsin 60 min tümən, iyirmi min tümən də qran pul verim. Bu da eləsin həştad min tümən, qalanına da ingilis pulu götürün! – Biz buraya bazarlıq üçün gəlməmişik dedim! – Bəndə ki sizə yalan demirəm. O bazar, o da siz. Hərgah verdiklərim yüz min tümənin yerini doldurmursa, yenə də sabah nə qədər lazımsa verim, belə ki, olmaz, axır mən bir məmləkətin valisiyəml – Biz bütün nəqd paraları və qiymətli şeyləri aparmalıyıq, yarın cənab komandanla görüşərsiniz, onlar yüz min tüməni götürdükdən sonra yerdə qalan şeyləri və paraları özünüzə qaytararlar. – Ağa zabit, düz buyurursunuz. Mən sizə inanmıram, amma burası vardır ki, mənə oradan bir şey qaytarıb verməzlər. Yaxşısı budur ki, elə buradaca sizinlə birtəhər düzəlişək ki, bir də bizim başımız ağrımasın. – Bir ordu zabitinə rüşvət təklif etmək böyük bir cinayətdir. Lakin bu iş İranda adət olduğu üçün bu barədə sizi cəzalandırmıram. Daha harada qiymətli kağızlar və nəqd paralar vardırsa gətirin! – Bunlar kifayət deyilmi? – Xeyr! Əsgərlər sandıqdakı qiymətli daşları, paraları səliqə ilə çıxarıb bir kisəyə yığmağa başladılar, lakin təəssüf ediləcək bir haldır ki, iyirmi min tümən gümüş paranı götürmək üçün imkan yox idi. Bunun üçün sandıq boşaldı, sərdar Rəşid onaçılan tapançaların təzyiqi altında olaraq cürbəcür dövlətlərə məxsus və müxtəlif metallardan düzəlmiş paraları gətirib aralığa tökdü. İllərdən bəri Ərdəbildə və sair hökumət yerlərində xalqdan aldığı rüşvətləri, döyüb, soyub aldığını gətirib meydana qoydu və Şabanzadənin tələbi ilə Mirzə Fətulla xanın əmanət qoyduğu qiymətli şeylər sandıqçasını da təhvil verdi. – İndi də gizli məktubları və vəsiqələri gətirini Onları götürməyi də komandan paşa bizə əmr etmişdir. Vəsiqələr də yığılıb bağlandı. Sərdar Rəşid vəsiqələrin içərisindən bir qadın təsviri ilə bir məktubu götürüb: – Bunları aparmayın. Bu mənim arvadımın mənə yazdığı məktubdur, şəkil də onun şəklidir. Məktubda yazılmışdı: «Möhtərəm sərdar Rəşid! Sən bilirsən ki, biz ayrılmalı idik. Nə sənin daşıdığın yüksək vəzifə, nə mənə verdiyin sərvət, nə də məni müsəlman etmək üçün təkrar etdiyin müqəddəs kəlmələr məni sənə bağlaya bilməzdi, çünki mən general-konsulun vasitəsilə evinə gəldiyim zaman sənə arvad olaraq gəldiyimi düşünürdüm. Nəhayət az çəkmədən məni də öz bacın və öz birinci arvadın kimi sataraq, özün üçün vəzifə və rütbə qazanmağa başladın. Lakin mən nə qədər çalışdımsa, özümdə buna cavab verəcək bir vicdanı tapa bimədim. Buna görə də Rusiyaya dönməyə məcbur oldum. Sənin evindən heç bir şey götürmədim. Yalnız özümə məxsus şeylərimi götürdüm. Salamat qalın. İftixarissoltan İraidaəp Bu, İranda həbs olunduğu zaman öz əli ilə yazıb sərdar Rəşidin yazı masasının üstünə qoyduğu məktub idi. Sərdar Rəşidin evindən götürülən şeylər daşındığı zaman o, bir daha komandan paşa ilə danışmaq üçün icazə istədi. Şabanzadə mane olmadı. Əvvəla budur ki, telefon xətti kəsilmişdi, ikincisi də Qafqazı işğal eləmək həvəsində olan Helmi bəy hələ axşam ikən Təbrizi boşaldıb Sofyana çəkilmişdi. Telefon səs vermədi, sərdar Rəşid başını çiyninə salıb yerində oturdu, axtarış üçün gedənlər də işlərini bitirib çıxdılar. Şəfi Şabanzadə çıxdıqda Mahru qaranlıq dəhlizdə durmuşdu. O yavaşcadan: – Əziz yoldaşlar, işiniz uğurlu olsun! – dedi. * * * Gizlin sirlər Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi. Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər. Helminin dəstəsi Sofyandan hərəkət etməzdən əvvəl, rus piyada və atlı kazakları Araz çayını keçib Təbrizə hücum etmək əmrini almışdı, çünki ruslar qəti soyuqların nəticəsində Ənvər paşanın Kars və Sarıqamış üzərinə sürdüyü qol ordunun taleyini həll etmişdi. Rusların çayı keçdiyini və Təbrizə hücum etdiyini Helmiyə qandırmışdıq. Ona baron Cəbrayılın düzəltdiyi silahlı asori dəstələrinin də müntəzəm rus ordusuna qoşulduğunu bildirmişdik. Rus piyada və atlısı qışın qatı soyuqlarına baxmayaraq, Mərənd şəhəri ilə Təbriz arasında vaqe möhkəm dağ keçidində və Yam gədiyi ətrafında yerləşdirilmişdi. Baron Cəbrayılın asori dəstələrinə rus piyadasının sağ qanadını müdafiə etmək və Helmi dəstəsinin sağ qanadını təhdid altina almaq əmri verilmişdi. Helmi rusların Yam gədiyində yerləşdiyindən xəbərsiz və rus agentlərinin verdiyi yalançı kəşfiyyat xəbərlərinə istinadla Sofyandan müstəqim xətt ilə Mərənd şəhərinə irəliləmək əmrini verdi. Dəstə mövqelərin çətinliyini, qışın soyuqlarını və strateii cəhətləri nəzərə almadan Təbriz – Culfa şosesi ilə dağınıq bir surətdə gedirdi. Helminin belə ehtiyatsızcasına hərəkət etməsinə Sulduz xanı Bala Samsamın da xəyanəti böyük rol oynadı. Helmi Sofyandan Mərənd üzərinə hücum etdiyi anlarda, Bala Samsam dörd yüz müntəzəm atlı ilə onun köməyinə gəlmişdi. 1 İndiki Leninakan şəhəri. Nə Helmi, nə də onun ətrafındakılar Sulduz xanı Bala Samsamın çoxdan bəri rus təbəəliyini qəbul etdiyini bilmirdi. Sulduz xanı konsuldan və sərdar Rəşiddən aldığı dəstura görə müharibə zamanı He!minin dəstəsini arxadan vuracaq və məhv edəcəkdi. Atlı dəstələri ehtiyat olaraq Helmi dəstəsinin arxasınca gedirdi. Yam gədiyi ətrafında müharibə başlandığı zaman, Helminin dəstəsi həm şimal, həm də şərqdən hücum edən dəstələrlə vuruşurdu, bu zaman Bala Samsamın atlıları da qılınclarını çəkib Helminin arxasına hücum edirdi. Helmi vəziyyətdən çıxmaq üçün nicatı ancaq müharibədə görürdü, Helmi öz atlı dəstəsini Bala Samsamın dəstələrinə qarşı qoymuşdu. O, müharibənin nəticəsi məlum olmadan belə on nəfər atlı ilə bərabər Bala Samsamın atlı dəstələrini yarıb Xacə Mircan tərəflərinə qaçmağa başladı. Müharibəni İbrahim Fovzi idarə edirdi. Nəhayət, onun atını da bir neçə tərəfdən dəymiş güllələr yıxdı, özü də ağır bir surətdə yaralandı. Burada kürdlər böyük yararlıq göstərdi və İbrahim Fovzini yaralı bir surətdə atın üstünə qoyub aralıqdan çıxartdılar. Müharibə rusların qələbəsilə qurtarmış oldu. Kazaklar qaçanları Sofyan – Təbriz şosesində atlarının döşünə salıb qovur və qılıncla yaralayıb tuturdular. Yam gədiyi yanından qaçanlar Xacə Mircan kəndinə yığışıb oradan da Miyandab və Savucbulaq tərəflərinə qaçmağa başladılar, lakin onların əksəriyyəti Savucbulağa qədər gedib çıxa bilmədi, çünki Helminin dəstəsi osmanlı sərhədindən Təbrizə qədər gələrkən yolların ətrafında yerləşən kəndləri və şəhərləri taladığından, indi məğlub olub qaçdıqları zaman yerlilər onların üzərinə qalxıb məhv etdilər. Hər dərədə və hər çayın kənarında onlarca insan meyidi tökülüb qalmışdı. 4İttihadi-tərəqqi» partiyasının və Hacı Mirzağa Büllurinin avantürasına düşən minlərlə adam məhv oldusa da, biz Təbriz xalqını bu təhlükədən xilas edə bildik. Xalqın bu avantüraya qarışmasına imkan vermədik, almanların planlarını darmadağın etdik. İndisə Təbriz xalqının gələcək vəziyyəti sərdar Rəşidin çar konsuluna verəcəyi mə- İumatın mündəricəsindən asılı idi. Axşam idi. İri qar parçaları sanki ağacdan qopub düşürdü. Təbriz, qarların ağ pambıqlı yorğanına bürünərək, sanki yaxında böyük bir hadisənin yuxusunu görməyə hazırlaşırdı. Çar konsulunun qorxusundan qaçan və Helmi dəstəsi ilə bərabər Təbrizə qayıdanlar yenə də qışın qatı soyuqlarına baxmayaraq, öz ailəsinin qolundan tutub Təbrizdən çıxır və bir tərəfə çəkilməyə tələsirdi. Çar qoşunu Təbrizə gəlməzdən və yolları kəsməzdən qabaq biz bir neçə yoldaşı şəhərdən çıxarmışdıq. Neçə gündən bəri cErmənistanda və başqa yerlərdə gizlənən çar təbəələri səbirsizliklə çar qoşununun gəlməsini gözləyirdilər. Çar ordusunu istiqbal etmək üçün yenə də yüzlərlə ağ uzunqulaqların belinə məxmər palanlar qoyulurdu. Bir neçə gün əvvəl ruslar köçdüyü zaman konsulun qulağına səlamətlik duası (səfər duası) oxuyan müctəhidlər gözlərinə sürmə çəkir, saqqalına rəng və həna qoyur, üst-başını düzəldir və konsulun istiqbalına hazırlanırdılar. Neçə gündən bəri rolunu, yolunu və donunu dəyişənlər yenə də əski rolunun ifasına başlayır və özlərinə «səadət mənbəyh)ə olan çar konsulxanası ətrafında dolanırdılar. Sərdar Rəşid öz ağasının istiqbalına çıxmaq üçün böyük bir siyahı düzəldirdi ki, o siyahıya bizi də daxil etmişdi. Çar konsulu hələ Təbrizə girməmişdi, sərdar Rəşid telefonla bizə nahar yeməyinə gələcəyini xəbər verdi. Şübhəsizdir ki, o bizə nahar yeməyinə gəlmirdi. Onun əsas məqsədi öz vəziyyəti haqqında danışmaqdı. O, saat 4-də nökəri ilə bərabər hökumət faytonunda gəldi. Sivil paltar geyinmişdi, cOryolp nişanı əlindən getdikdən sonra hökumət forması geyməyə çox da maraqlanmırdı. Onun paltosunu tutub asdılar. Əlimi sıxıb oturdu, lakin onun bütün görünüşü bizim evə bir məcburiyyət qarşısında gəldiyini göstərirdi. O nə qədər vicdansız bir adam olsa belə, yenə də utanırdı, çünki Ninanı bu evdən Helminin əsgərləri vasitəsilə çəkib aparmaq istəmişdi, buna görə də Ninanın gözünə görünmək istəmirdi. O, sözünü belə başladı: – Ağayi Əbülhəsənbəy, bəndənin hüzurunuza müşərrəf olmaqdan məqsədi gələcək xətt-hərəkətimiz barəsində cənab sərkarın fikrini bilməkdir. Mən özümü sadəliyə qoyub ona sual verdim: – Hansı və nə kimi xətt-hərəkət? – Bizim sizinlə olan əlaqə məsələmiz... – Bizim dostluq əlaqəmiz yenə də əvvəlki şəklində davam edir və edəcəkdir. – Bilirəm, mən də bunu yaxşı bilirəm, lakin bir çox məsələlər vardır ki, biz cənab sərkarları bir-birimizə bağlayır. Bəndə bu barədə ərz etmək istəyirdim... – Doğrudur, bizim əlaqəmiz dostluqdan başqa bir sirdaşlıq şəkli də almışdır, – dedikdə o, tələsik cavab verdi: – Bəli, elə bəndə də bunu demək istəyirəm. Bizim cənab sərkarin əlində olan hər bir kiçik sirrimizin ifşa edilməsi, bəndənin mövqeyinin mütəzəlzil edilməsi deməkdir. Bəndə bunları ərz etmək üçün də sizin hüzurunuza gəlmişdim. Ağadan rica edirəm ki, bu sirlər öz yanımızda qalsın, mən də bir vilayətin başında dururam, elə olmasın ki, ruslar məni Müxbirissəltənə kimi buradan çıxarıb qovsun), Bəndə də bunların müqabilində cənab sərkarın hər nə əmri olursa yerinə yetirməyi öhdəmə götürürəm. Mən bu sözlərdən sonra sərdar Rəşidə sual verməklə, onu bir çox günahlarını öz dili ilə deməyə məcbur etdim. – Sizin məni Helmi bəyin əlinə vermək, Təbriz xalqını rus təbəələrinin üzərinə qaldırmaq və erməni xalqını qətl-qarət etdirməkdən də başqa bir sirriniz vardırmı? Sərdar Rəşidin bu sualdan boğazı qurudu, cavab verə bilmədi. Nəhayət bir neçə kərə udqunduqdan sonra: – Cənab ağa, bunlar yüngül sirlər deyil ki?l – Bu sirlərin gizlində qalması həzrət əşrəfin özündən asılıdır. – Bəndə öz tərəfimdən cənab sərkarın bütün tapşırıqlarını yerinə yetirməyə hazıram, boyun qaçırmıram, bunu ərz etmək üçün də gəlmişəm. – Elə isə bütün suallarıma cavab verməlisiniz, çünki mən həzrət əşrəfin Rusiya, Almaniya və İran hökuməti ilə olan əlaqəsini təyin etmədən, həzrət əşrəfi müdafiə edə biləcəyimə söz verə bilmərəm. İndi buyurun görüm Almaniya ilə olan gizli əlaqəniz nə şəkildədir? – Bəndə almanlardan yüz min tümən pul almışdım. – Kimin vasitəsilə? – Sabiq alman konsulxanası katibi şahzadə Əbülfət Mirzə vasitəsi ilə. I Müxbirissəltənə 1911-ci ildə Təbrizə vali göndərilmişdi, çar konsulu ilə əlbir işləmək istəmədiyindən çar səfirinin tələbi üzrə Təbrizdən geri çağrılmışdı. – Nə üçün almışdınız? – Mən bu paranın müqabilində Təbriz xalqını Almaniya tərəfdarlığına cəlb edib, əfkari-ümumiyyəni Rusiya əleyhinə çevirəcəkdim. – Daha nə etməli idiniz? – Təbrizdə iğtişaş yaradıb, çar konsulu mənafeyinə çalışanları və Almaniya ittifaqı əleyhinə olan iranlıları tutub Helmi bəyin əlinə verməli idim. O, sakit oldu, lakin onun bir çox sirləri gizlətdiyini hiss edirdim, çünki onun sirlərinə aid vəsiqələrin hamısı, son parça kağıza qədər bizim əlimizdə idi. Bunun üçün sərdar Rəşidə sual verdim: – Daha başqa bir vəsiqə yoxdurmu? – Bəlkə də, vardır. Hamısı xatirimdə deyil. – Hərgah vardırsa danışm, utanmağa lüzum yoxdur, çünki məsələ tamamilə aydın edilmədən onun çarəsinə baxmaq çox çətindir. Utanmaq və qorxmaq yersizdir. Hazırda sizin bütün sirləriniz bizim və Helminin əlindədir, bunu bizdən gizlətməyin heç də lüzumu yoxdur, çünki hazırda biz sizin müdafiə məsələnizi həll edirik. Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. O öz mühüm sirlərinin üstünü açıb söhbət etməkdən həm qorxur, həm də utanırdı. Mən onu danışmağa məcbur etmək üçün bu sualı da verdim: – Siz son günlər Hacı Səməd xanın Tiflisdən dübarə qayıdıb nə məqsədlə Təbrizə gəldiyini bilirdinizmi? – Əlbəttə, bilirdim, konsulun özü vaxtikən məni yanına çağırıb demişdi ki, Hacı Səməd xanın Təbrizə gətirilməsi sizin mövqeyinizlə əlaqədar deyildir, o tamamilə hərbi nöqteyi-nəzərdən gətirilir. – Elə isə nə üçün Hacı Səməd xanın Təbrizə gəlməsini eşidən kimi Təbrizdən çıxdınız? – Özümü Tehran hökumətinə sadiq göstərmək üçün belə rəftar etməyə məcbur idim. – Bu məsələdə çar konsulunun razılığını əldə etmişdinizmi? – Bu barədə də konsul özü mənə təlimat vermişdi, eyni zamanda mənim Təbrizi başlı-başına buraxıb çıxmağım almanlar ilə müqavilə üçün də əlverişli idi, çünki mənim çıxmağım nəticəsində Təbrizdə hərc-mərclik başlana bilər və Rusiya mənafeyi zərərdidə ola bilərdi. Xalqın bu iş nəticəsində ruslara və rus təbəələrinə hücum etməsi ehtimalı var idi. – Buna nə üçün müvəffəq ola bilmədiniz? – Çünki inqilabçılar xalqı başa saldı və hərc-mərcliyə yol vermədilər. – İndi deyin görüm, inqilabçılar barəsində fikriniz nə idi? Gedən vəsiqələr içərisində bu işə aid bir vəsiqə var idimi? – Bəli, var idil – Nə kimi vəsiqələr? – İki siyahı tutmuşdum. Onlardan birisi qaçqında olanların, ikincisi də Təbrizdə yaşayanların siyahısı idi. Burada onları həbs etdirib Rusiyaya göndərmək, qaçqındakıları isə yerlərdəki çar agentləri vasitəsilə məhv etdirmək istəyirdik. – Bu siyahıları bir yerə vermişdinizmi? – Xeyr! Hələ tamamilə düzəldib qurtarmamışdım. Sərdar Rəşid vəsiqələr haqqında uzun-uzadı məlumat verdi. Nəhayət, mən sual-cavabı kəsdim, indi də o, gözlərini mənim ağzıma dirəyib, məğlub olmuş adamlar kimi aciz-aciz baxırdı. Onun papirosuna bir kibrit tutub dedim: – Sizin Təbrizdəki fəaliyyətiniz olduqca mürəkkəbdir. Lakin bu çətinliklərə baxmayaraq, sizin mövqeyinizi olduğu kimi müdafiə etməyə və həmin olduğu şəkildə saxlamağa söz verirəm, ancaq bir şərtlə: – Hər cür şərtə razıyam. – Siz bu şərtləri yazılı olaraq bizə verəcəksiniz! – O da mümkündür. Bu sözdən sonra mən kağızı onun qabağına qoydum, qələmi də mürəkkəbə batırıb ona verdim və cyazınızə dedim. Sərdar Rəşid dediklərimin hamısını yazdı, imza etdi, sonra da mən zəng vurdum. Nina otağa daxil oldu, sərdar Rəşidin yanına gələrək əlini sıxdı və azərbaycanca: – Həzrət əşrəf xoş gəlib, səfalar gətiribdir, – dedi. – Çox xahiş edirəm ki, bizim evə tez-tez təşrif gətirəsiniz, çünki mən hər zaman sizi gördükdə bacım İraidanı xatırlayıram. Mən zənn edirəm ki, bizim qohumluq əlaqəmiz hələ də davam edir. Sərdar Rəşid Ninanın azərbaycanca danışmasından təəccüb edərək: – Afərin, Nina xanım! - dedi. – Siz tamamilə bir iranlı xanım kimi danışa bilirsiniz. Lakin İftixarissoltan" nə qədər çalışdısa, kəlmeyi-şəhadəti düzgün deyə bilmədi. Elə mən əvvəldən görürdüm ki, onun islam dinini qəbul etməyə rəğbəti yox idi, – dedikdə Nina gülərək əlavə etdi: – Şəhadət kəlməsini mən də öyrənə bilmirəm. – Nə üçün, Nina xanım? – Çünki şəhadət kəlməsini yaxşı öyrənmək üçün bir ərəb tapıb ona ərə getmək lazımdır. Halbuki bir rus qızının ərəbcə danışması mümkün deyildir. Bu sözə mən də, sərdar Rəşid də güldük, Nina isə ayağa qalxdı: – Məni bağışlayın, nahar işlərinə baş çəkmək lazımdır. Bu gün həzrət əşrəf üçün özüm nahar hazır etmişəm, – dedi. Nina qalxıb getdikdən sonra sərdar Rəşid yavaşdan: – Aparılan şeylərin içərisində bədbəxt İftixarissoltanın şəkli də var idi, – dedi. * * * İntihar ərəfəsində Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi. Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə: – Kömək edin! - deyə qışqırdı. Mən içəridə bir hadisə üz verdiyini zənn etdim, çünki belə zamanlarda bədbəxt hadisə hər kəsə üz verə bilərdi. Yerli hökumətin inzibati qüvvəsi yox kimi idi. Osmanlılar çəkilmişdi, ruslar isə hələ Təbrizi tamamilə işğal edə bilməmişdi. Buna görə də bir çox oğrular və cinayətkarlar evlərə soxulurdu. Hətta son günlər osmanlı əsgərləri paltarlarına girən bir çox məhlə lotuları da xalqın evinə girib qiymətli şeyləri tələb edirdi. Bizim adamlarımız osmanlı əsgəri qiyafəsində olan iyirmi nəfərə qədər oğrunu tutmuşdu. Bu fikirlə də mən amerikalı qızın evinə girdim. Hələ həyətdəki pilləkənlərə yetişməmişdim ki, evdən boğunuq səslər eşitdim: – Burax məni! Burax! Mənə rəhm et, burax! Evdə soyğunçu olduğunu zənn edərək tapançamı çıxarıb içəri girdim. Məni heyrət götürdü. Qız saçları dağılmış halda əlində tapança çapalayırdı, xidmətçi qoca qadın isə onun hər iki qollarını bərk-bərk qucaqlayıb qızın özünü vurmasına maneə törədirdi. Qız isə çapalayaraq: – Burax məni! - dedikdə qadın da: – Kiçik xanım, anana rəhmin gəlsin, atanın gözü yoldadır, cavan canına rəhmin gəlsin, – deyərək onu buraxmaq istəmirdi. Mübarizə çox şiddətli idi, onların hər ikisi son qüvvəsi ilə çalışırdı. Mən tapançanı cibimə qoyub irəlilədim, qız mənim içəri girdiyimi bilmirdi. Mən onu səslədim: – Miss Hannal Tapançanı mənə ver! Bu səs qızın qulağına yetişən kimi başını silkələyib, saçlarını yana atdı, məni görürkən qoca qadın da onu buraxdı. Qız əlində tapança üstümə yüyürdü, yanıma yetişərkən tapançasını qaldırdı, qoca xidmətçi bunu görürkən qışqırdı. – Aman, buraxmayın, o özünü də, sizi də məhv etmək istəyir! – dedi. Mən çox soyuqqanlı bir surətdə əlimi uzadıb onun incə biləyindən tutub sıxdım, tapança əlindən düşərkən sol əlimlə tutub cibimə qoydum. Amerikalı qızın biləyini buraxmadım, çünki o, bayılmaq ərəfəsində idi: onu tutub yumşaq divanın üstünə qoydum. Xidmətçi qadın da yorulmuşdu. vəziyyəti fəna idi, mən ona müraciətlə: – Gedin, rahat olun! – dedim. O getdi, xidmətçi oğlana su gətirməsini əmr etdim. Dəsmalımı isladıb qızın ürəyinin üstünə qoydum, ürəyi adi halında vurmağa başladı, lakin hələ gözlərini açmamışdı. Bu vəziyyət bir saat davam etdi. Mən onun saçlarını üzündən kənar edib, başını sığalladığım zaman o, gözlərini açıb, başını köksümdə görərək ağladı: – Nə üçün məni rahat olmağa buraxmırsınız? – dedi. – Mənim dostum. məniyyətcə ölmüş bir qızı ölümdən qurtarmağın mənası nədir? Siz özünüz təsəvvür edin: mənim üçün yaşamaq imkanı vardırmı? Mən bütün mədəni bəşəriyyətin yanında üzüqarayam, harada İ- i “əl İ N. İ , yerim vardır? Mənim üzüm də, vicdanım da, biliyim də... Hər şeydən təmiz olan sevgim də xalqın nəzərində ləkəlidir. – İntihar yaramaz! Bu, qeyri-adilik və acizlikdir. – İntihar xoş olmayan həyata qarşı gözəl bir protest deyildirmi? – «İntiharə öz səhvlərini islah etmək istəməyənlər, acizlər, bacarıqsızlar, qorxaqlar üçündür, – dedim. Amerikalı qız ağlaya-ağlaya dedi: – Öz səadətləri üçün bütün dünyanın səadətini almağa hazır olan, milyonların bədbəxtliyi üzərində səadət qurmaq istəyən almanlar mənim də səadətimi əlimdən aldılar. Onlar mənim sadəliyimdən istifadə etdi, məni casusluq çirkabına batırdılar. Onlar məni öz əlimlə casusluq kağızını imzalamağa məcbur etdilər. İndi mənim kimi bir qızın yaşamasının bəşəriyyət üçün nə əhəmiyyəti vardır? Tutaq ki, mənim vicdanım casus vicdanı deyildir, buna kim inanar? Mən ürəyimi xalqın qabağına qoyub onda casusluğa aid bir duyğu olmadığını isbat edə bilərəmmi? Kim mənim qəlbimi oxuya bilər? Kimin də nə işi vardır? İndi, bu saat casusların qəlbini yoxlamaq üçün kimdə vaxt vardır? Birisi sizin özünüz... Nə üçün də mənə inanasınız? Mənim öz əlimlə imza etdiyim casusluq vəsiqələri alman konsulxanasının arxıvindədir. Mənim həbs edilməyim üçün Rusiya konsulxanasında əmrnamələr vardır. Amerika konsulxanasına da mənim alman casusu olmaq münasibəti ilə həbsə alınacağımı xəbər vermişlər. Böyük dünyanın harasında mənim yerim vardır? Milyonları yaşadan dünya bəzən bir nəfəri yaşatmaqdan da boyun qaçırarmışl Dünyada vəhşilərin, canavarların, yırtıcıların, bütün canlı və cansızların yaşamaq səlahiyyəti olduğu halda, mən yazığa, mən bədbəxtə yer yoxdur. Qız heç bir vəchlə sakit ola bilmirdi. O, Helminin tamamilə getdiyini, bütün canlı qüvvəsini Yam gədiyi altında basdırıb qaçdığını, rusların Təbrizə girəcəyini eşitdiyi və özünün həbsə alınacağını hiss etdiyi üçün özünü məhv etmək istəyirdi. Mən ona sözün açığını deməmişdim. O, rus və alman konsulluqları arxivində olan vəsiqələrin bizim əlimizdə olduğunu bilmirdi, o yenə də məni tanımırdı, onun üçün yaşamaq imkanı yarada biləcəyimi xəyalına belə gətirmirdi. Mən onun saçlarını sığallayaraq təsəlli verir və deyirdim: – Siz məna inanın, hələlik siz yaşamaq imkanından tamamilə məhrum deyilsiniz. Siz özünüzün vicdanən casus olmadığınızı göstərməklə xalqı inandırmalısınız, intihara gəldikdə o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırar. Sizin Almaniya konsulxanasında imza etdiyiniz vəsiqə və rusların əlinə düşmüş məktubunuz, konsulxananın sizin haqqınızda verdiyi əmmamələr oğurlanmışdır. Helmi onları çoxdan bəri apartdırmışdır. Mən sizin üçün yaşamaq imkanı yaratmağa söz verirəm. Sizə gəldikdə, yenə də almanlarla əlaqədə olmalı və əski rabitəni qırmamalısınız. – Yenədəmi casusluq etməliyəm? – Xeyr. Siz indi almanların tələbi və bir məcburiyyətin nəticəsində deyil, öz vicdanınızın tələbi ilə İran kəndlisi və İran yoxsulunun nəfinə çalışmalısınız. Siz üzərinizdə olan ləkələri yalnız sədaqət, səmimiyyət və iradəli bir qız olmaq nəticəsində təmizləyə bilərsiniz. Ayağa durun, özünüzü ələ alın. Bir stəkan çay hazırladın, mən də sizinlə çay içəcəyəm. Sabahdan etibarən sizin üçün başqa bir bina tapdıraram, buradan köçməyiniz lazımdır. Siz hələ mənim yanımda olan hörmətinizi tamamilə itirməmişsiniz. Mən yenə də sizə baxanda Culfadakı, Livarcan yaylasındakı miss Hannanı görürəm. Sizi itirmək mənim vicdanım üçün çox ağırdır, buna görə də nicatınız üçün çalışacağam. Doğrudan da, biz qızı mühafizə etməli idik. Onda bizim bir çox sirlərimiz var idi, o bizim təşkilata az yaxşılıq etməmişdi, o özü bilmədən Almaniya əks-kəşfiyyatına satılmışdı, bəlkə də, bunu özünün dediyi kimi bizə bir xidmət və şəxsən mənə sədaqət göstərmək məqsədi ilə etmişdi. Gənc qız mənim verdiyim nicat vədlərindən fövqəladə bir surətdə sevindi, indi də o, şadlığından ağladı, əlimi tutaraq öpmək istədikdə əlimi onun əlindən aldım, o isə mənim boynuma sarılaraq üzümdən öpdü və: – Mənə inanın, mənim göz yaşlarım saxta göz yaşları deyil, – dedi. – Mən ən bədbəxt və ən sadə bir qızam. Siz məni casus hesab edib dodaqlarımdan iyrənməyin. Mən casus deyiləm, sizi öpən yenə də keçmişdəki Hamadır. Mən sizə və sizin mənsub olduğunuz xalqa yardım göstərmək üçün alman konsulunun xain tələsinə düşdüm. – Hər şey yaxşılığa gedir, – dedim. – Kimbilir, bəlkə də... Amma məhəbbətiniz olmasaydı, mən bu vəzifələri öhdəmə götürməzdim. Lakin kor-koranə daşıdığım vəzifədə nə sizi, nə də sizin mənsub olduğunuz xalqı satmamışam. Mən ancaq alman konsulunun tapşırığına görə rusların əleyhinə çalışmışam, bunu sizin üçün də mənfəət hesab etmişəm. Hərgah o vəsiqələr sizin əlinizə düşmüş olsaydı, mənim doğru dediyimə inanacaqdınız. Doğrudan da, Almaniya konsulluğuna aid vəsiqələr içərisində nə miss Hanna, nə də başqaları tərəfindən bizim əleyhimizə verilmiş materiallar yox idi. Amerikalı qızın dedikləri doğru idi, buna görə də onun daxili əziyyətlərini azaltmaq üçün: – Sizi əvvəlki vəziyyətinizə qaytarmış olarsam, sözümə baxarsınızmı? Qız yenə də boynuma sarılaraq: – Mənim ruhum, - dedi, – mən sizin nə zaman sözünüzdən çıxmışam ki? – Sözümdən çıxmamışsınızsa, işlərinizi məndən gizlətmişsiniz. Bu iş bizim səmimiyyətimizə yaraşardımı? Qız bu sözümdən utandı və: – Doğrudur, məni cəzalandırınl – dedikdə mən: – Bunun üçün də sizi cəzalandırdım, məgər biləyinizin ağrısını hiss etməyirsinizmi? Qız biləyinə baxmadan: – Ürəyimin ağrısı daha şiddətli olduğu üçün biləyimin ağrısını unutdum. Miss Hannanın biləyini, tapançanı almaq üçün özüm də hiss etmədən elə dəhşətli sıxmışdım ki, onun biləyində barmaqlarımın yeri qalmışdı, o biləyinə baxaraq bir ah çəkdi və: – Bu yadigar biləyimdə həmişəlik qalsaydı! – dedi. – Heç darıxmayın, siz yenə də özünüzü xoşbəxt hiss edəcəksiniz. Sizin qiymətli şeylərinizi də yığışdırıb saxlatdırmışam, sizə verilən yadigarlar, hədiyyələr tamamilə yerindədir. Təzə binaya köçdüyünüz zaman onları sizə qaytaracağam. Miss Hamna bir ah çəkərək: – Hər şeyi bərpa etmək mümkündür, lakin mənim Amerika konsulxanasında itirdiyim hörmətimi bərpa etmək mümkün deyildir, – dedikdə mən: – O da mümkündür, gözəl qız, – dedim. – O gözəllik də məhv oldu, varlığım bu bir neçə günlük daxili əziyyətlərin pəncəsində çeynənib bitdi. – Sizin gözəlliyinizə heç bir xələl yetməmişdir. – Doğrudur, çünki siz mənə baxdıqda, gözünüzə ancaq bir miss Hama görünür, lakin o dəyişmiş, dəyişməmişdirsə, onda da, indi də bununla işiniz olmamışdır, siz daima mənə fərqsiz bir nəzərlə baxmışsınız. Bunun səbəbini də bilmədim, sizi öyrənməyi bacarmadım. Qızların bir xəstəliyi də burasındadır ki, onlar özlərinə əhəmiyyət verməyən adamlara daha sıxı bir surətdə bağlanırlar. Bu xəstəlik məndə daha artıq idi. Mən dünyada sizdən gözəl, sizdən mədəni və sizdən bacarıqlı bir adam bilmirdim. Mən sizə bəslədiyim səmimiyyəti heç bir kəsə bəsləməmişəm. Onun xatirəsi üçün mənə kömək edin, mən məhv oluram. – Mənim dostum, elə bilirəm ki, sizə olan hörmətimi hiss etməmiş deyilsiniz, mən də sizin özümə olan səmimiyyətinizi və sevginizi hiss edirəm. Hərgah bizim qarşılıqlı sevgimiz indiyə qədər bir nəticə verməmişsə, bunun da böyük bir səbəbi vardır, lakin hadisələr bu kimi səbəbləri aydın etməyə və sevgi kimi şəxsi işlərlə məşğu! olmağa imkan verməmişdir. Sizə yardım vermək məsələsinə gəldikdə, bütün varlığımla hazıram. Sizi Amerika konsulxanasında işə düzəltməyə qədər sizə söz verirəm. Bilmirəm, siz Amerika konsulxanası tərkibində baş verən təbəddülatı eşitmişsinizmi? – Xeyr, eşitməmişəm. – Konsul getmişdir, yerinə təzə konsul gələcəkdir. Bütün konsulxana işlçiləri, katib Friksondan başqa, dəyişilmişdir. – Frikson qalırsa – bəsdir. – O sizə heç bir şey edə bilməz. – Mənim böyük düşmənim odur. – Nə üçün? – Mən onun arvadı Saranı təhqir etmişəm. – Nə üçün? – Çünki o qadın əxlaqsızdır. O sizinlə tanış olmaq istəyirdi. O bizim dostluğumuzu qırmağa çalışırdı. – Bunlarda işiniz yoxdur. Deyin görüm konsulxanada çalışmaq istəyirsinizmi? – Orası boş bir xəyal deyildirmi? – Bunu mən sizə təklif edirəm, siz mənim boş söz danışmaq istəmədiyimi yenədəmi öyrənmədiniz? İstəsəniz sizi orada işə düzəldərəm. Yaxud orada namusla işlədiyiniz və öz xahişinizlə işdən xaric olduğunuz barəsində vəsiqə ala bilərəm. Qız sevinərək: – Mənnə qədər xoşbəxt bir qızam! – dedi. – Bəlkə, mən Culfada sizə rast gəlməyəydim, İranda nə cür yaşaya biləcəkdim?1 Mən bu sualın cavabını öz qəlbimdə verərək €Culfada mənimlə tanış olmasaydın, bu bəlalar da başına gəlməzdi», – dedim. Miss Hanna yanımdan durdu, içəri otağa keçdi, yarım saatdan sonra gəldi. Əyninə başqa paltar geyinmişdi. Paltar təzə deyildi, harada isə bu paltarı onun əynində görmüşdüm. Məncə, bu paltarı mən on dörd gecəlik ayın yasəmən ağacları dalından üzümüzə şəfəq saldığı, yarpaqların hərəkəti amerikalı qızın çöhrəsində oynadığı, ördəklərin hovuzdan çıxıb qanad-qanada çalıb qışqırdığı, bütün həyatın yaylaq havasına məxsus lətafətin içərisində çimdiyi, gecəquşunun səsi Kəmtal dağlarında əks etdiyi, burnuma ətirlənmiş saçların qoxuları gəldiyi gecədə, Hacı xanın evində, Livarcan yaylasında görmüşdüm. O zaman nə miss Hanna, nə də mən bu qədər yorulmamışdıq, çox şən bir ruha malik idik. Xidmətçi qadın bir stəkan çay gətirib yanıma qoyduqda başını qaldırıb üzümə baxa bilmirdi, çünki onun da casus olduğunu və qızın yanina Almaniya konsulxanası tərəfindən təyin olunduğunu bilirdim. * * * Çar konsulu gəlir Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır. Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi. – İmperatorun özüdür, vəliəhdidir, iki gözüdür. Bu məlikəsidir, bu qızlarıdır, bu də əmisidir. Çox da ucuzdur, biri bir tüməndir, doqquz qran eləmişik. Xəbərin olsun ay təbrizli, gəl tamaşasına!.. Bu imperatorun vəzirləridir, bu imperatorun generallarıdır... Bu qubernatorlar, bu naçalnik, bu da pristavlarıdır. Bu da qaradovoylarıdır. Ucuz elədik, qaradovoyun biri bir qran! Yubanma, kasıb, səkkizcə dənə qaradovoyumuz qalıbdır. Mən iki gün əvvəl bu dükanın qabağından keçəndə o, gələnlərə başqa şəkillər təqdim edib oxuyurdu: – Bu Soltan Məhəmməd Xamisdir, xəlifeyi-ruyi zəmindir. Ənvər paşa da həmindir. Bu qardaşlarıdır, bu əmiləridir, bu toplarıdır, bu da gəmiləridir... Konsulun görüşünə birinci olaraq sərdar Rəşid getmişdi. Hər halda onun bizə söz verdiyinə və kağız imza etdiyinə baxmayaraq, ona əmin olmaq çox çətin idi, o, ruslar gəldikdən sonra arxasını onlara verib bizi sata bilərdi. Buna görə də mən bu məsələnin nəticəsindən qorxurdum. Evə gəldim, birinci kərədir ki, Rusiya qəzetləri Təbrizə gəlirdi, oturub qəzet oxuyurdum. cRusskoye slovo» qəzeti məni məşğul etmişdi, cəbhə xəbərləri ilə maraqlanırdım. Nina da evdə yox idi. Nigaran idim, onun konsulxanadan nə kimi xəbərlər gətirməsini gözləyirdim. Telefonun zəngi vurdu. Dəstəyi götürdükdə sərdar Rəşidin səsini eşitdim. O: – Salam, cənab Əbülhəsənbəyl – dedi, – Təzə xəbəri bilirsinizmi? – Xeyr, bilmirəm! – Cənab general-konsul məni hüzuruna çağırmışdı. – Elə isə sizi təbrik edirəm! – Sizi də təbrik etmək lazımdır. Haqqınızda cənab konsula o ki, lazımdır ərz edib sizin xidmətinizi bir-bir tərif etmişəm, hətta o dərəcəyə gəlib yetişdi ki, cənab general sizə xüsusi salam yetirməyi mənə tapşırdı. – Bunların hamısı həzrət əşrəfin bizə olan iltifatından asılıdır. Bizim həmişə sizə kiçikliyimiz olmuş, yenə də olacaqdır. Sağlıq olursa, biz də bunun əvəzində sizə bəndəçilik edərik. Əlbəttə, biz özümüzü sizin böyük xanədanınıza mənsub bildiyimiz üçün iftixar edə bilərik. Mən bu cür sözlərdən və İran tacirlərinə məxsus quru və həqiqətdən uzaq kəlmələrdən bir xeyli dedikdən sonra, sərdar Rəşid də özünü həqiqətən bu dediklərimə layiq bilərək: – Belədir ki, var, – dedi, – həmişə kölgəmiz sizin üstünüzdə olacaqdır. Mən elə istəyirdim ki, cənab Əbülhəsənbəylə bir də oturub ətraflı danışaq və gələcək xətt-hərəkət barəsində bir daha qərarlaşaq. – Həzrət əşrəf hər zaman buyurarsa, bəndə hazıram. Bəndə öz tərəfimdən qəti söz verirəm ki, bütün qüvvətimlə həzrət əşrəfin nüfuzunun xalq arasında böyüməsi üçün çalışacağam və həzrət əşrəfin düşmənlərini öz düşmənim hesab edib, mübarizə aparacağam. – Qeyrətinizə, namusunuza qurban! Mən buna inanıram... Mən də sizin kimi namuslu vətəndaşlara arxalanıb, bu vəzifəni qəbul etmişəm. Zənnimcə, tezliklə görüşəcəyik. «Həzrət əşrəfə mənə dua edə-edə telefonun dəstəyini yerə qoydu. Oturub qəzet ilə məşğul olmağa başladım. O qədər çəkmədi ki, Nina gəldi, tələsik əlcəklərini çıxarıb cibinə qoydu, paltosunu, şlyapasını tutub asdılar, o, Təhminə xanıma müraciətlə: – Ana, üşümüşəm, mənə bir stəkan çay versinlər, – dedi və gəlib oturdu. O hələ bir söz demədən mən onun gözlərinə və çöhrəsinə baxırdım. Mən həmişə şad və qəmgin xəbərləri onun çöhrəsindən və gözlərindən oxuyardım. Yenə də Ninanın gözləri gülürdü, yenə də onun çöhrəsinin hər iki tərəfində çuxurlar açılırdı, o, sevinə-sevinə bir məktub çıxarıb mənə verdi. «Cənab Əbülhəsənbəyl Bu gecə saat 11-də konsulxanada düzələn görüş ziyafətinə Nina xanımla bərabər gəlmənizi arzu edirəmə. Məktubu general-konsul yazmışdı, o bu ziyafətlə öz qələbəsinin bayramını etmək və diplomat nümayəndələri ilə görüşmək istəyirdi. Nahar süfrəsinə oturmamış telefonun zəngi vurdu, danışan yenə də sərdar Rəşid idi: – İndi bu saat cənab generalın öz əli ilə yazılmış bir dəvətnamə aldım, saat 11-də ziyafətə dəvət edilmişəm. Bilmirəm sizinlə orada görüşə biləcəyikmi? Bunu çox arzu edirdim. Zənnimcə, ziyafətə cənab general sizi dəvət etməmiş olmaz, çünki bəndə o ki, lazımdır tapşırmışam. – Bəli, bizi də dəvət etmişlər, axşam orada görüşəcəyik, – deyə dəstəyi asdım. Süfrə başında Nina konsulxanadan aldığı məlumat haqqında danışmağa başladı: – Konsul sərdar Rəşidin şeylərinin getməsindən həyəcana düşmüşdür, çünki onlar həmin vəsiqələrin getməsi nəticəsində sərdar Rəşid kimi sadiq bir nökəri itirmələrindən qorxurlar. Sərdar Rəşidin nişanının aparılmasına o qədər əhəmiyyət vermirdi, çünki onu əvəz etmək mümkündür. Sərdar Rəşidi yanına çağırmışdı, onunla uzunuzadı danışdı, sərdar Rəşid onun yanından çox şad bir üzlə çıxdı, sevindiyindən yerişini belə itirmişdi. Sərdar Rəşid getdikdən sonra konsul məni yanına çağırıb kefimi soruşdu və əlim əlindəykən: «Bu saat mənim yanımda sizin dostunuzdan möhtərəm və namuslu bir şəxs yoxdur. Siz bir-birinizə layiqsiniz. Get mənim salamımı ona yetir və bu məktubu da ona verlb – dedi. İndi mən qismən sakit olmuşdum. Sərdar Rəşid imzasının hörmətini gözləyərək, bizim haqqımızda müsbət məlumat vermişdi. Ziyafətə hazırlanmaq lazım idi. Hələ vaxta bir saat qalmışdı, konsulun avtomobili qapıda dayandı, bizim ziyafətə bir saat tez getməyimiz lazım gəlirdi. Nina bütün qiymətli zinətlərini üstünə taxdı, bununla da konsula özünün qələbə bayramını şadlıqla qarşıladığını anlatmaq istəyirdi. Mən də təmiz və ziyafətə məxsus paltarlarımı geyinmişdim, bu halda Məşədi Kazım ağa içəri girdi, bizi geyinmiş görüb soruşdu: – Hara belə təşrif aparmaq istəyirsiniz? – Konsulxanada düzəlmiş böyük ziyafətə gedirik. – Bu ziyafətdə bəndə üçün bir çörək bişirəcəksiniz, ya yox? – Bişirmişəm, xatircəm olun, bundan sonra rusların bütün ticarəti yenə də əvvəldə olduğu kimi sizin əlinizdə olacaqdır. Sizin yenədəmi alış-verişə ehtiyacınız vardır? Pulların faizi kifayət etmirmi? – Hələ günəşin başı yarımçıqdırl – dedi və tez qayıdıb evinə qaçdı, on dəqiqədən sonra ən qiymətli bir sancaq gətirib Ninanın döşünə taxdı. – Məşədi Kazım əmin səni cöldən tapmayıbdır, – dedi və güldü. İnqilabdan milyonlar qazanmış bu tacir dalımızca: – Gedin, işləriniz uğurlu olsun, – dedi və Ninaya müraciətlə: – Qızım, onu ağanın yadina salarsan hal – deyib bizi avtomobilin yanına qədər ötürdü. Biz konsulun ziyafət salonuna yox, öz xüsusi otaqlarına, ailəsi yaşayan mənzilə getdik. Ziyafət otaqlarında heç kəs yox idi, çünki çox tez idi. Konsul mənim əlimi sıxdığı zaman: – Çox şadam ki, – dedi, – yenə də sağ və salamat görüşdük. Hərgah Təbrizdə sizin kimi bir neçə mədəni, əqilli adamlar olsaydı, hərgah beş nəfər sizin kimi öz vətəninin səadətinin harada və kimlərdə olduğunu anlasaydı, hər iki dövlətin mənfəəti və dostluğu zərrə qədər xələldar olmazdı. Mən konsulun cavabında: – Doğrudur, cənab general! – dedim. – 11-ci ilin hadisəsi bizim üçün bir ibrət dərsi olmuşdur. O zaman bir çoxları xalqın avamlığından istifadə etdi. Xalqı özünə mədəniyyət və səadət gətirən çar ordusunun və çar diplomat nümayəndələrinin üzərinə qaldırdı, nəti- «ədə minlərcə rus və iranlı qanı töküldü. Cənab general bilir ki, son günlər Təbriz yenə də həmin təhlükənin qarşısında durmuşdu. Həmin bədbəxtlik yenə də xalqın başı üzərində dolaşırdı, bunun üçün də cənab general Təbrizdən getdikdən sonra biz camaatı başa saldıq, onları təşkil etdik, bu gələnlərin Təbrizi qarət etmək və xalqı öz dostunun, öz mehriban qonşusunun üzərinə qaldırmaq üçün gəldiklərini izah etdik. Bizim bu təşəbbüsümüzə mane olanları cəzalandırdıq, xalqın özünü, rus təbəələrini, rus himayəsində olanları müdafiə üçün dəstələr düzəltdik. Lakin əlimiz boş idi. Silahsız bir iş görmək olmayacaqdı, cənab sərdar Rəşidə müraciət elədik, o bizi çox hörmətlə qəbul etdi, bizdən silahı müzayiqə etmədi. Bizim bu təşəbbüsümüzün gözəl nəticələrindən birisi də budur ki, onlar erməni xalqını qətlqarət edə bilmədilər. Şükür olsun ki, müvəffəq olduq, bir nəfərin də burnu qanamadı, yenə də silahları və patronları aparıb həzrət əşrəfin göstərdiyi adamlara təhvil verdik. General-konsul ikinci kərə əlimi sıxaraq: – Bu barədə erməni xalqı yazılı olaraq sizdən mənə razılıq göndərmişdir, cənab sərdar Rəşid biz Tiflisdə olanda sizin barənizdə teleqramla məlumat vermişdir. Bu günün özündə haqqınızda təfsilən danışdı və silahları eynən təhvil verdiyinizi qeyd etdi. Mən də öz tərəfimdən sizi əmin edirəm: biz bu kimi hadisələrdə öz köməyimizi sizdən əsirgəməyəcəyik. Bizim bütün məqsədimiz odur ki, Təbriz xalqı Rusiyanın özünə dost olduğunu bilsin. Əlhəmdülillah bunu da xalq sizin kimi namuslu şəxslərin vasitəsilə bilib və anladı. – Cənab general doğru buyururlar. İndiyə qədər xalqımıza bu açıq həqiqəti anladan olmamışdı, çünki xalqın anlaması qara fikir daşıyanlar üçün əlverişli deyildi, bu yazıq xalqa hər kəs ümumi məqsəd üçün yox, şəxsi məqsəd, şəxsi mənfəət üçün yanaşmışdır. İndi tam yeddi ildir ki, qara fikirli adamlar Təbriz xalqını dalısına salıb cürbəcür uçurumlara çəkir. Cənab general özü mülahizə buyursun: Təbriz xalqı hara, hökumətə asi olmaq hara? Təbriz xalqı hara, böyük Rusiya imperatorluğuna qarşı üsyan etmək hara? Bu yazıq camaat nə edə bilərdi? Onları öz ixtiyarına qoydularmı? Lakin indi camaatı qandırmışıq, artıq onlar öz dost və düşmənlərini çox gözəl tanıyırlar. Mən cənab generala xalqın tərəfindən deyə bilərəm ki, lazımi vaxtında, cənab generalın bir əmri olan kimi camaat öz sədaqətini göstərməyə hazırdır. Konsul bu sözlərimdən sonra yenə də bir neçə kərə: – Afərin, afərin! – deyərək əlavə etdi. – Sizin bu xidmətinizi təqdir edirik. Xariciyyə nəzarətinə yazmışam, sizin üçün birinci dərəcəli nişan xahiş etmişəm. Siz Rusiyanın iftixar nişanına layiq bir şəxsiyyətsinizl İndiyə qədər biz dostlarımızın heç birisindən bu cürə xidmət görməmişik. – Cənab generalın böyük himayəsi bizim üçün yüz nişandan qıymətlidir. Bu qapıdan öz doğma evimə girən kimi girməyimin özü mənə böyük bir şərəfdir! – Təşəkkür edirəm! Hələlik siz gərək yenə də bizim qoşun təchizatı məsələlərimizi öz öhdənizə alasınız. – Eybi yoxdur, bunu yenə də bizim ən inandığımız Məşədi Kazim ağaya tapşırarıq, çünki o çox da pulpərəst adam deyil, özü də imperator hökumətinə xidmət göstərməyi özü üçün bir şərəf hesab edir, – dedikdə konsul: – Biz gərək öz qazancımızı öz dostlarımıza verək, siz həmişə bunu yadınızda saxlayın, – dedi. Qonaqların gəldiyini xəbər verdilər. Durub ziyafət salonuna keçdik, kiçik simfonik orkestr düzəlmişdi, yavaş-yavaş çalırdılar. İngiltərə, Fransa, İtaliya nümayəndələri öz arvadları və qızları ilə bərabər gəlmişdi. Lakin mər: bunların heç birisi ilə maraqlanmırdım, mən ancaq Amerika konsulxanası katibi Friksonu gözləyirdim. Onunla görüşüb miss Hannanın işə düzəlməsi barəsində müqəddimə başlamaq istəyirdim. Nəhayət, ən sonda Frikson da öz arvadı Sara ilə gəldi. Konsul məni onunla tanış etdiyi zaman, o, diqqətlə mənim üzümə baxdı, çünki o məni bir kərə miss Hannanın ad günündə görmüşdü. Şübhəsiz ki, amerikalı qızın alman casusu çıxması və Amerika konsulxanasına bu barədə verilən məlumat nəticəsində, eyni zamanda qızın birdən-birə Təbrizdən yox olmasından sonra Frikson mənə soyuqqanlı bir surətdə yanaşa bilməyəcəkdi. Bunun üçün də mən onu qabaqlayıb, özünün casus olması barəsində ona işarə vurmağa çalışırdım, hərgah mən qəflət etmiş olsam və fürsəti əlimdən buraxsaydım, Frikson çar konsuluna yaltaqlanmaq üçün mənim amerikalı qızla əlaqədar olduğumu söyləyə bilərdi. Bu düşüncələr məni həddindən artıq rahatsız edirdi. Friksonun arvadı Sara xanım da gəlib mənim əlimi sıxaraq: – Biz sizinlə beləmi danışmışdıq? – dedi. – Siz tez-tez görüşəcəyimiz haqqında mənim canıma and içməmişdinizmi? Başınız sarı saçlı qızamı bənd olmuşdur?1 O zəngin qadınla təzəmi tanış oldunuz? – Xeyr, o qızla çoxdan bəri tanışam, – dedikdə Sara kinayə ilə: – Bundan sonra qadınlar saçlarını sarı rəngə boyamalı imiş, – dedikdə mən: – Hər bir boyalı şeydə aldadıcı xasiyyət vardır, – dedim. – Mən sarı saçları təbii olduğu üçün sevirəm. Nina da gəlib bizə yanaşdı, Frikson da gəldi, Friksonla mən onları buraxıb gəzişməyə başladıq. Frikson mənim üzümə diqqətlə baxaraq: – Gərək ki, biz casus çıxmış və ifşa edilmiş alman qızının evində tanış olmuşuq, miss Hannanın yanında görüşmüşük, – dedikdə mən də çox soyuqqanlı bir surətdə cavab verdim: – Mənim də xatirimə belə gəlir, sizi miss Hanna mənlə tanış etmişdi. O cür adamlarla tanış olduğuma təəssüf edirəm... Bu bəs deyilmiş ki, hələ onun evində daha böyük xəyanət sahibləri və öz dövlətinin sirlərini ayda beş min manata satan casuslarla da tanış oldum. Bu sözümdə Friksonun dünyası dəyişdi, çünki Friksonun özü də çar konsulxanasından ayda beş min manat alıb Amerika konsulxanasında olan siyasi sirləri satırdı. Əlimizə keçən vəsiqələrin içində Friksonun xəyanətinə dair vəsiqələr də var idi. Mən ona göz qoymuşdum, o artıq məni buraxmaq istəmirdi, hər yana gedirdimsə, kö!gəm kimi dalımca sürünürdü. Artıq o mənə yaltaqlanmaq üçün mövzu aramağa başlamışdı. Papirosuma kibrit çəkir, çiynimə düşmüş papiros külünü barmağı ilə vurub təmizləyir, tez-tez «sizə və «siz cənabə deyə danışırdı, nəhayət, nicatı yenə də arvadında gördü və onu yanımıza çağıraraq: – Bax, mərhəmətli cənaba sözün varsa, özün ərz et! Evdə həmişə deyirsən ki, cənab ağa iltifat buyurub, bizim evimizə gəlmir. Sara xanım dedi: – Mən sizdən qabaq cənab ağadan özünə şikayət etmişəm. Mən də cavabında: – Mən sizin gözəl, nəcib, mədəni xanımınızı heç vaxt unutmamışam. Lakin biz o qədər əhəmiyyətli adamlar deyilik ki, siyasi vəzifələr sahibi sizin kimi adamların vaxtını almağa cəsarət edə bilək, – dedikdə Frikson: – Xeyr, xeyr. Bu nə sözdür? Sizinlə olan bir gecəlik müsahibat bizdə yüz illərin təsirini buraxmışdır. Hərgah tənəzzül buyursaydıniz, sabah gecə sizi evimizdə gözləmək üçün bizə icazə verərdiniz. – Xeyr, – dedim, – sizə zəhmət vermək istəmirəm. – Bunu Sara xanım sizdən rica edir. – Hərgah Sara xanım tələb edirsə bu tələbi qəbul etməyə hazıram, – dedikdə Sara: – Gəlməsəniz küsəcəyəm, – dedi. – Söz verirəm. – Frikson əllərini bir-birinə sürtə-sürtə məndən ayrılıb, Mirzə Ələkbər xana yanaşdı, onlar burunlaşmağa başladılar. Mən bundan şübhələndim, Frikson məsələni ona açıb deyə bilərdi. Çünki o, Mirzə Ələkbər xanın vasitəsilə ruslara satılmışdı. Mirzə Ələkbər xan özünü mənim yanımda çox kübar və məğrur tuturdu. Halbuki bizim əlimizdə onun həm Amerika, həm də Almaniya casusu olması haqqında lazımi sənədlər var idi. Mən bu barədə məlumatımızın olmasını onun qulağına pıçıldamaq istədim. Frikson ilə Mirzə Ələkbər xan bir neçə kərə dolandılar, nəhayət, Frikson onunla bərabər mənə yanaşdı və birlikdə gəzişməyə başladıq. Mirzə Ələkbər xan söhbət arasında: – Gərək ki, cənab ağa ilə birinci kərə yenə də cənab generalın ziyafətində tanış olmuşuq, – dedikdə mən məqsədimə giriş taparaq ona yavaşdan dedim: – Mən cənab xanı yalnız rəsmi ziyafətlərdən deyil, həqiqi vəsiqələr vasitəsilə də tanıyıram. Mirzə Ələkbər xan hələlik sözümün canını anlamadı, buna görə də laqeyd bir surətdə soruşdu: – Cənab ağa hansı vəsiqələri buyurdu? – dedikdə mən yavaşdan qulağına dedim: – Cənab xanı cənab Friksonla əməkdaşlıq etdirən vəsiqələri ərz edirəm. Birisi ayda yüz tümən, ikincisi isə ayda beş yüz tümənə sizi Vaşinqton və Berlinə bağlayan vəsiqələri, indi xatırladınızmı? Bu sözdən sonra Mirzə Ələkbər xan qolumdan tutdu və Friksonu başqalarına buraxaraq mənimlə gəzməyə başladı. Mən onun həddindən artıq həyəcan və qorxu keçirdiyini vücudunun titrəyişindən hiss edirdim. O, qolumdan tutduğu üçün məni də titrədirdi, mən onun ürəyi keçəcəyindən qorxduğum üçün onu təskin etmək qərarına gəldim: – Cənab xan, özünüzü ələ alın, – dedim, – bu qədər ciddi işlərə cəsarət edən sizin kimi adamlarda qüvvətli bir qəlb mətanəti də olmalıdır. Təşvişə lüzum yoxdur, sizin sirləriniz möhkəm əllərdədir, o əllər də sizin vəziyyətinizin pozulmasına imkan verməyəcəkdir. Mirzə Ələkbər xanın dili açıldı və: – Ağa, bir səhvdir olubdur, – dedi, – gərək ağa bu sirlərin açılmasına yol verməsin, yoxsa bəndə rüsvay ola bilərəm, – dedikdə mən papiros qutusunu çıxarıb onun qarşısına qoydum. – Sizə söz verirəm! – dedim. – Siz bizimlə əməkdaşlıq etməkdən boyun qaçırmasanız, bu vəsiqələr barəsində heç kəs bir şey bilməyəcəkdir, əmin ola bilərsiniz. – Elə bəndə çoxdan bəri cənab sərkar ilə yaxından tanış olmaq istəyirdim, hətta bu barədə Nina xanıma da bir neçə kərə ərz etmişdim. O daha məndən əl çəkmirdi. Süfrəyə əyləşdiyimiz zaman belə məndən ayrılmadı. Ziyafət bitdiyi zaman Mirzə Ələkbər xan mənim əlimi sıxaraq: – Sabah saat dörddə görüşə biləcəyikmi? – Harada? – Bizim evə təşrif gətirə bilməzsinizmi? Bir bəndə, bir də sərkar olmalıdır. – Elə də lazımdır, – dedim. kokok İçəri girən kimi Mirzə Ələkbər xan irəli gəlib əlimi sıxdı və sual verdi: – Ağa, doğrudan da, dünən gecə buyurduqlarınız səhihdirmi? – Hərgah məni bura iş üçün dəvət etmişsinizsə, gəlin iş adamı kimi danışaq, – dedim. – Mən, fəqət sizinlə görüşüb danışmaq və razılıq əldə etmək üçün indiyə qədər vəsiqələrin ifşa edilməsinə razı olmamışam. Hərgah siz bu xeyirxahlığı təqdir etmirsinizsə, mən bunun üçün sizə heç də yalvarmayacağam. – Cənab ağa, bu nə fərmayişdir? Hansı vələdüzzina bu xidməti təqdir etməz?1 Ağa, siz nə fərmayiş buyurursunuz? Bu məsələ mənim həyat məsələm deyildirmi? – İndi ki, bu məsələ sizin həyat məsələnizdir, o zaman bütün suallarıma doğru cavab verməlisiniz! – Vicdanıma and olsun ki, mən ömrümdə yalan danışmamışam. – Çox gözəl. Buyurun görüm Almaniya konsulxanası ilə nə zamandan bəri əlaqədarsınız? – Rusiya konsulxanasında işə girdiyimin ikinci ili, demək ki, on beş il olar ki, alman konsulxanası ilə əlaqəm vardır. – Bu əlaqə nə cür düzəlmişdir? – Mən iki il idi ki, çar konsulxanasında xidmətə girmişdim, çarın taxta oturan günü bütün konsulxana əzaları konsulxanadakı ziyafətə yığışmışdılar. Mən o gecə Əbülfət Mirzə ilə tanış oldum. Mən hara gedirdimsə o məndən əl çəkmirdi. Nəhayət, biz onunla bir neçə kərə də görüşdük. Bunu çar konsulu da bilirdi, çünki görüşümüz rəsmi günlərdə olmuşdu. Günün birində konsul məni öz kabinetinə çağırdı, bir kağız götürüb qabağıma qoydu. Mən kağızı oxudum, orada mənim maaşımın ayda on tümən artırılması üçün hesabdara əmr verilmişdi, mən çox razılıq etdim, çünki o zaman mənim maaşım ancaq ayda iyirmi beş tümən idi. Mən kağızı oxuyub konsulun yazı masasının üzərinə qoyduqdan sonra konsul əlavə olaraq dedi: – Hərgah siz özünüzə tapşırılan vəzifələri layiqincə bitirmiş olsanız, gələn yanvardan maaşınız əlli tümən olacaqdır. Mən: – Çox razıyam. Allah imperatorun kölgəsini bizim başımızın üstündən əskik etməsin, – dedikdə konsul da: – İndi ki, siz imperatorun kölgəsini bu qədər qiymətləndirirsiniz, o zaman imperator hökumətinin nüfuzlu və qüvvətli olması yolunda da çalışmalısınız, – dedi. Mən onun nə edəcəyini və nə istəyəcəyini bilmirdim, yenə də tez-tez təşəkkürlər və məmnuniyyətlər izhar edirdim. Nəhayət, konsul əsas məsələyə keçib soruşdu: – Sizin Əbülfət Mirzə ilə əlaqəniz nə cürədir? – Əlaqəmiz dostanədir. – Bir-birinizin evinə gedib-gəlməyiniz vardırmı? – Bəli, vardır. – Elə isə nə üçün onu bizimlə işləməyə dəvət etmirsiniz? – O, alman konsulxanasında çox gözəl maaş alır, oradan əl çəkəcəyinə ümid etmirəm. – Ora ilə bərabər eyni zamanda bizdə də işləyə bilər. – Nə iş görəcəkdir, mən ona təklif edərəm. – Onun işi çox sadə və çox da yüngül bir iş olacaqdır. O, Almaniya konsulxanasına aid vəsiqələrin surətini çıxarıb bizə verəcəkdir. Bunun müqabilində isə biz ayda ona beş yüz tümən pul verəcəyik. Konsul bu sözü dedikdən sonra, doğrusu bu qazancın böyük və zəhmətsiz bir qazanc olduğunu hiss etdim, öz-özümə: Bir belə gəlir mənbəyi olsaydı, mən özüm də qəbul edərdimə – dedim. Mən düşünürdüm, nəhayət, konsul mənə sual verdi: – Deyin görüm bunu baca bilərsinizmi? – Zənnimcə, bacara bilərəm, – dedim, – çünki Əbülfət Mirzənin və ümumiyyətlə, Qacar şahzadələrinin tamahkar və rüşvətxor olduqlarını bilirdim. Konsul mənə belə bir tapşırıq verdi: – Siz bu işin düzəlməsi üçün onun yanına getməməlisiniz, təsadüf etdiyiniz zaman siz özünüz paraya ehtiyacınız olduğunu və maaşın məsarifə yetişmədiyini söhbət arasında deyərsiniz, heç şü»hə yoxdur ki, o da öz ehtiyaclarından söhbət açıb sizə deyəcəkdir. O zaman siz ona bu kimi gəlir mənbəyini göstərib onun razılığını ala bilərsiniz. Mən bu söhbətdən sonra konsulun kabinetindən çıxdım. Bu işin üstündən bir həftə keçdi, peyğəmbər vəfatı günü idi, əhli-qüburi ziyarətinə getmişdim. Qayıdanda şahzadə Əbülfət Mirzəyə rast gəldim. Hava da gözəl idi, ikimiz də faytonları buraxıb söhbət edəedə gəlirdik. Biz Rastabazara girincəyə qədər yüzə kimi seyid, dərviş, dilənçi qabağımızı kəsib pul istədi, mən bunu bəhanə edərək: – Üst-başımızı təmiz görüb, cibimizi dolu hesab edirlər, daha bilmirlər ki, ayda aldığımız iyirmi beş tüməndir, hər nə qədər qənaət edirsən yenə də ehtiyac içindəsən. Bu sözlərdən sonra şahzadə Əbülfət Mirzənin dərdi açıldı və mənə cavab verdi: – Adımız şahzadədir, lakin gözümüzü dikmişik ayda əlli tümənə. Lakin biz bacarıqsız adamıq, bizim yerimizdə başqaları olsaydı, çox gözəl həyata keçirə bilərdi, – dedikdə mən soruşdum: – Cənab şahzadə, biz nə edə bilərik? Konsulxanada nə iş görmək olar? – Bu sözümdən sonra şahzadə yavaşdan dedi: – Hərgah siz mənə inanmış olsanız, mən sizin üçün ayda beş yüz tümən gəlir yeri düzəldərəm, – dedi və mənim gözlərimin içinə baxmağa başladı. Mən onun dediyini dərhal anladım, mən onu işə cəlb etmək istərkən o da məni işə cəlb etmək istəyirdi. Buna görə də özümü bilməməzliyə vurub ona sual verdim: – Hərgah siz buna söz vermiş olsanız, mən də ayda beş yüz tümən gəlir mənbəyi düzəltməyimə söz verirəm. – Haradan düzəldəcəksiniz? – Bəs siz mənim üçün haradan düzəldəcəksiniz? – Bunu qabaqca siz bəndəyə deyə bilməzsinizmi? Doğrusu, mən qabaqca deməyə cəsarət etmədim, biz bir neçə kərə ssən de, sonra mən deyimə? sözlərini təkrar etdikdən sonra şahzadə Əbülfət Mirzə yavaşdan dedi: – Alman konsulxanası ilə əlaqəyə girsəniz, ayda beş yüz tümən ala bilərsiniz. – Bunu siz özünüz deyirsiniz, yainki bunu konsul sizə tapşırmışdır? – Konsul tapşırmışdır. – Elə isə mən də sizə söz verirəm: Rusiya konsulxanasından ayda sizə beş yüz tümən düzəldərəm. Bu sözümdən sonra şahzadə mənim ona dediklərimi təkrar etdi: – Bunu siz özünüz deyirsiniz, yainki bunu konsul sizə tapşırmışdır? – Bəli, konsul tapşırmışdır. Bu sözü ikimiz də birdən dedik: – Vəzifələr də ki, məlumdur! Haman gündən başlayaraq ikimiz də eyni vəzifəni daşıyırdıq. Hərgah şahzadə Əbülfət Mirzə Rusiya casusu olmasaydı, alman konsulxanası həbs olunduğu zaman, onu da həbs edərdilər. – Amerika konsulxanası ilə əlaqəniz nə yoldadır? – Mən əvvəlcə Amerika konsulxanası ilə əlaqədə deyildim, lakin Friksonun bizim konsulxanadan ayda böyük para aldığını bildiyim üçün Frikson öz aldığı puldan ayda mənə yüz tümən verirdi, sonraları mənə dedi ki, gəliniz bu yüz tümən məsələsini rəsmiyyətə salaq. Mən Friksona sual verdim: – Nə cür rəsmiyyətə? – Mən Rusiya konsulxanasından aldığım paraları nə üçün alıramsa, siz də Amerika konsulxanasından aldığınız yüz tüməni haman və eyni vəzifə üçün alacaqsınız. Mən də buna razı oldum, o zamandan bəri həmin vəzifədəyəm. – Frikson o qədər böyük paranı nə üçün alır? – Frikson yalnız Amerika konsulxanasında olan sirləri yox, Amerika konsulxanasının, ingilis və Fransa konsulluqlarından oğurlatdırdığı vəsiqələri də çar konsulxanasına verir. – Daha başqa yerlərlə əlaqəniz vardırmı? – Xeyr! Vicdanım haqqı heç bir yerlə əlaqəm yoxdur! – İndisə bizə bir iltizamnamə verməlisiniz. – Nə kimi iltizamnamə? – Götürün mən nə deyirəmsə yazın! Mən özümün alman və Amerika konsulxanalarına gizli vəsiqələr satdığımı iqrar edirəm. Mən hazırkı əlaqəni həmişəlik davam etdirməyə məcburam. Bütün işlərimi İran İnqilab Komitəsi ilə razılaşdırmağa söz verirəm. Çar konsulxanasına və başqa konsulxanalara məxsus gizli sirləri inqilab komitəsinə verməyə borcluyam. Mirzə Ələkbər xan bu vəsiqəni imza edib möhürlədikdən sonra məni nahar yeməyinə saxlamaq istədisə də, mən casusla göz-gözə oturub nahar etmək istəmədim. * * * Friksonun evində Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi. Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə: – Saat 1-də faytonu gətirib məni apararsınız, – dedim, irəli gəlib Friksonun əlini sıxdım və birlikdə dəhlizə girdik. Biz kiçik salondakı dəyirmi mizin ətrafında oturduq. Mizin üstündə hər cür içkilər və məzələr qoyulmuşdu. Hər şey öz yerində idi, bir şey gətirmək üçün üçüncü bir adamın salona girməsi lazım deyildi. Friksonun arvadı Sara xanım da gəlib mənimlə salamlaşmamışdı. Bir xeyli sonra bir nəfər xidmətçi qadın iki stəkan çay gətirib yanımıza qoyub qayıtdı. Frikson piyalələri konyakla doldurdu və əlinə alaraq: – Çoxdandır ki, sizin şərəfinizə piyalə qaldırmamışam, bu gecə iqbalımız bizə bu səadəti nəsib etmişdir, – deyərək piyaləsini içdi, mən də piyaləni dodağıma aparıb yenə də mizin üstünə qoydum. Çayı qarışdırmağa başladım, nə o, nə də mən danışmırdıq. Frikson üçüncü piyaləni içdikdən sonra çox təəssüfedici bir halda: – Hə, miss Hannal Bəli, miss Hamnal – dedi. – Zavallı qız yolundan azdı. Biz ondan heç də bu hərəkəti gözləməzdik, – dedikdə: – Nə üçün, bir adamın etdiyi işi başqa birisi edə bilməz? – dedim. Frikson piyaləsini əlindən yerə qoyub soruşdu: – Doğrusu, mən sizin bu cümlənizin məzmununu anlaya bilmədim, siz dünən gecə də konsulun ziyafətində belə bir müəmmanı söylədiniz. – Bəli, söylədim. Nə qədər ki, siz öz sirlərinizi bizə söyləməmişsiniz, o zamana qədər bizim bütün danışdıqlarımız müəmma şəklində qalacaqdır və biz bir-birimizi anlaya bilməyəcəyik. Yaxşısı budur ki, biz piyalə və şərab dostu olmaqdansa, bir-birimizlə sirr və səadət dostu olaq. Belə deyilmi? – Bizim sizinlə müştərək nə kimi sirrimiz ola bilər? – O şey ki, bizə məlumdur, onun gizlədilməsini məsləhət görmürəm, çünki bu sizin vəziyyətinizi qorxu altına ala bilər. – Anlamıram! Yenə də məsələ müəmnma şəklindədir. – Hərgah icazə versəydiniz mən məsələni bəzi suallar vasitəsi ilə aydın etmiş olardım. – Buyurun. – Amma rica edirəm ki, suallarıma doğru cavab verəsiniz. – Qəti söz verirəm. – Siz Əbülfət Mirzəni tanıyırsınızmı? – Bəli, tanıyıram. Onunla mən... – Artıq danışmaq lazım deyil, onu tanıdığınız kifayətdir, çünki onunla olan əlaqənizin hər cür şəkli bizə məlumdur. – İndi ki, məlumdur, daha mən nə deyə bilərəm? – Çar konsulxanası mütərcimlərindən Mirzə Ələkbər xanı da tanıyırsınızmı? – Tanıyıram. – Ayda beş yüz manatı onun vasitəsiləmi alırsınız? Frikson bu sözdən sonra məsələni dərhal anladı və titrək bir səslə dedi: – Bəli, onun vasitəsilə alırdım. – Almanlarla da belə bir münasibətiniz var idimi? – Bəli, var idi. Siz məni məhv etməyimi düşünürsünüz? ” Xeyr. Bunu xəyalınıza belə gətirməyin. Mən bununla sizi məhv etmək istəmirəm, əksinə, sizinlə sıxı dostluq əlaqəsi düzəltmək fikrindəyəm. Bu dostluq nəticəsində sizin rütbəniz, mövqeyiniz zərərdidə olmayacaq və dövlətlərə sirr vermək müqabilində aldığıniz paraları itirməyəcəksiniz. Bizim bu dostluğumuz sizin gəlir mənbələrinizi daha da artıra biləcəkdir. Siz buna inana bilərsiniz. – Mən sizə nə kimi bir xidmət edə bilərəm? – Siz hələ hər işdən qabaq kiçik bir məsələni aydınlaşdırmalısıniz. Sizin ingilis konsulxanası ilə əlaqəniz nə yoldadır? – İngilis konsulxanası bu barədə mənə müraciət etməmişdir. Lakin bu onu göstərmir ki, ingilislərin Amerika konsulxanası sirlərini almağa və öyrənməyə ehtiyacı yoxdur. Mənim zənnimə görə bu vəzifələri Amerika konsulunun özü bitirirdi, çünki onlar tez-tez görüşürdülər. – İndi sizinlə həmin qızın məsələsini həll edək! – Hansı qızın? – Miss Hamanınl – Nə kimi məsələsini? – Çar konsulxanasından qızın alman casusu olması barəsində sizə məlumat verilmişdirmi? – Bu məsələdən danışmağa lüzum vardırmı? Qız çoxdan bəri qaçıb getmişdir. – Mənsizə sual verirəm: qız haqqında çar konsulxanasından belə bir məlumat verilmişdirmi? – Bəli, verilmişdir. – Siz o barədə Tehrana və Vaşinqtona bir məlumat vermişsinizmi? – Heç yerə göndərilməmişdir. Vaxtımız olmadı. – Hazırda həmin yazılı məlumat haradadır? – Mənim yazı stolumun yeşiyindəki papkadadır. – Həmin kağızı gətirib mənə təqdim etməlisiniz. Hərgah bir yerə göndərilmək üçün surəti çıxarılmışdırsa, onları da gətirib təhvil verin, hərgah bu barədə bir kimsəyə sirr vermiş olursanız o zaman mövqeyinizin hazırkı şəkildə qalmasına söz vermirəm. – Bu saat, məlumatın özünü də, çıxarılmış surətlərini də gətirim. – Oturun, hələ məsələ bitməmişdir! Siz qızın gələcəyini təmin etmək üçün daha bir vəsiqə verməlisiniz. – Nə kimi vəsiqə? – Belə bir vəsiqə verəcəksiniz: cMiss Hanna Amerika konsulxanasında çox təmiz və namusla xidmət etmiş və özünə tapşırılan vəzifələri sədaqətlə bitirmiş, sədaqətli amerikalı olduğunu işdə göstərmiş və öz rizası ilə ərizə verib işdən kənar edilmişdirmə. – Bu da mümkündür. – Sonra da hərgah miss Hannanın özü bunu istərsə, onu işə götürüb əməkdaşlıq edəcəksiniz. Məncə, bu da sizin üçün mümkündür. – Nə üçün də mümkün olmasın, iş bizim əlimizdə deyilmi? – İndi bircə məsələmiz qalmışdır ki, o da son məsələdir. Siz bu saat həmin materiallarla bərabər bizə öz imzanızla belə bir iltizamnamə də verəcəksiniz: «Mən, aşağıda imza qoyan Amerika konsulxanasının baş katibi Frikson, borclu oluram ki, Almaniya və Rusiya konsulxanaları ilə olan əlaqəmi davam etdirim və gələcəkdə hər bir hərəkətim barəsində gizli inqilab komitəsinə xəbər verimə. Frikson bu son təklifi qəbul edib-etməmək barədə uzun-uzadı düşündü. Şübhəsiz ki, belə bir iltizamnaməni imza etmək hər kəs üçün çətin idi. Frikson bu iltizamnamə ilə bütün müqəddəratını bizim əlimizə tapşırmış olurdu. Lakin əlacsız idi, biz onu tələyə salmışdıq. Çox düşündükdən və boynunun dalını qaşıdıqdan sonra dedi: – Bu iltizamnaməni sabaha qoymaq olmazmı? – Xeyr, bu məsələlər bu gün yerbəyer olunmalıdır, qalan məsələlər barəsində sonda da danışmaq mümkündür. – Daha başqa məsələlər də vardırmı? – Qırx min dollar məsələsidir. Bunu da həll etməliyik. – Hansı qırx min?) – Almaniya lehinə təbliğat aparanlara paylanmaq üçün sizə qırx min dollar Amerika parası tapşırılmışdır. – Bu barədə sizin təklifiniz nədir? – O paraları təbliğatçılara vermək lazım deyil, o pulları tamamilə gizli inqilab komitəsi kassasına tapşırmalısınız. Bütün məsələlər bununla bitir. Frikson bir az da düşündü və bir-iki kərə başına hərəkət verərək: – Nə etməli? İndi ki, ağa bu təklifi edir, daha nə sözüm vardır. Lakin mən sizi burada buraxıb iş otağına keçməyə məcburam. Sara xanımı çağırım, siz onunla söhbət etməkdə olun. Mən də gedib buyuruqlarınızı düzəldim. Frikson durub getdi, bir neçə dəqiqədən sonra Sara xanım tovuz kimi əlvan donunun ətəklərini sürüyə-sürüyə otağa daxil oldu. Özü mənə yaxınlaşmadan əvvəl Loriqanın qəliz qoxuları məni əhatə etdi. O hələ salonun yarısında idi, mən yəhudi qızının gözəlliyini və üstünə tökdüyü zinətlərini gözdən keçirirdim. Şübhəsiz ki, Frikson Sara xanımı qəsdən yanıma göndərmişdi, hər şeydən əvvəl, qırx min Amerika dollarını verməmək üçün zəminə hazırlanmasını Sara xanıma tapşırmış olmalı idi. Sara xanım yanıma gəldi, ətirlənmiş incə əllərini dodaqlarıma uzatdı və: – Bu əlirazı salmağınız lazımdır, – dedi, – çünki bu əl sizi aparmaq üçün çox əziyyət çəkmişdir. Sara xanım bu sözləri dedikdən sonra kürsünü bir az irəli çəkib yanımda oturdu, mən onun sözünün cavabında: – Dost olmaq üçün insanları əl ilə yox, saf və səmimi bir ürəklə axtarmaq lazımdır. – Mənim ürəyim sizin üçün birinci görüşdə, miss Hannanın evində tanış olduğumuz zamandan bəri çırpınmağa başlamışdır. – Təəssüf olsun ki, mənim varlığım sizin kimi gözəl və incə bir qadının əziyyətinə səbəb olmuşdur, – dedim. – Mən heç bir zaman sizi unuda bilmirdim, lakin sizi sevən qızın xatirinə toxunmamaq üçün sizə yaxın gəlməyi bacarmırdım. Nəhayət, konsulun ziyafəti məni öz arzularıma nail etdi, siz bizim evimizə gəlməyə tənəzzül etdiniz. Hazırda mən əmin oluram ki, siz bundan sonra ara-sıra məni dinləyəcəksiniz. – Bəli! Mən sizin şirin söhbətlərinizi dinləməkdən də ləzzətli və qiymətli bir şey bilmirəm. Sara xanım bu sözdən sonra qara kirpiklərini bir-biri üzərinə tökərək nazlandı və yavaşdan dedi: – Mənim söhbətlərimi dinləməklə iş bitmir, onları eşitmək və əməl etmək lazımdır. – Mən Sara xanımın hər bir əmrini yerinə yetirməyə hazıram, buna söz verirəm. – Mən sizə heç bir vaxt əmr etməyəcəyəm, sizə yalvaracağam, sizdən rica edəcəyəm. – Məni o qədər də mədəniyyətsiz hesab etməyin, mən heç vaxt sizi yalvarmağa qoymaram. Sizin əmriniz olan kimi mən sizin sərəncamınızda olacağam. – Buna siz söz verirsinizmi? – Mən Sara xanımı əmin edirəm, mən çoxdan bəri cənab Friksonun mədəni ailəsi ilə yaxından tanış olmaq istəyirdim, indi şükürlər olsun ki, bu dostluğun əlaqəsini düzəldə bildik: bundan sonra mən özümü xoşbəxt hesab edəcəyəm. – Şadlığımdan qəlbim yerində durmur, baxınız, görün ürəyim nə qədər həyəcanlar keçirir? Sara xanım bunu deyərək əlimi qaldırıb öz döşlərinə qoydu, doğrudan da, onun qəlbi çırpınırdı. Lakin bu çırpıntılar sevgi çırpıntıları yox, qırx min dolların çırpıntısı idi. Mən: – Sara xanım, özünüzü ələ alın, sizin qarşısında heç bir çətinlik yoxdur. Bizim dostluğumuz yalnız səmimi dostluq olmaq şərtilə davam edə bilər, – dedikdə o yenə də mənim əlimi öz döşlərində bərk-bərk tutaraq: – Siz gərək mənə söz verəsiniz, heç olmasa mənim bir ricamı qəbul eləyəsiniz! Mən onun ricasının nədən ibarət olduğunu anlayırdım. Sara xanım sandığına yığdığı dolları çıxarıb İran İnqilab Komitəsinə vermək istəmirdi. Bütün müqəddimələr, bu ürək çırpıntıları və sevgi dastanları həmin qırx min dolları verməmək üçün idi. Buna görə də mən Sara xanıma açıq da olmasa, işarə ilə öz ricasının qəbula keçməyəcəyini bildirməyə çalışırdım: – Sara xanımın mənim şəxsiyyətimə aid olan bütün arzularını həyata keçirməyə hazıram. Şəxsiyyətimə aid olmayan ümumi məsələlərdə söz verə bilmərəm. Xalqa aid olan məsələlərdə mənə müraciət etməyəcəyinizə və məni məhcub buraxmayacağınıza əminəm. – Mən öz sevdiyimə yalnız şəxsiyyətimi deyil, bütün dünyanı qurban edə bilərəm. “. Söhbət uzun çəkdi. Sara xanım məndən özünü qane edəcək bir cavab ala bilmədiyindən bir kərə: – Ah kişilər, kişiləri – deyə bir konfet götürüb soydu və yavaşyavaş yeməyə başladı. Frikson da qapını açaraq salona girdi və qadınının sakit oturduğunu gördükdə: – Yəqin ki, Sara xanım sizi məşğul edə bilməmişdir, – deyərək gəlib oturdu, Sara xanım isə icazə alaraq şam hazırlığı üçün salonu tərk etdi. Frikson verdiyim tələblərin hamısına əməl eləmişdi. O, materialları mənim qarşımda qoyduqda: – Mən öz taleyimi sizin vicdanınıza təslim edirəm, – dedi. – Hərgah sizə fənalıq etmək istəsəydim, buraya gəlib sizinlə açıq danışmazdım. Lakin mən sizin mədəni ailənizin bədbəxtliyinə razı ola bilmədim. Sizin məsələnizi komitədə başqa cür qoymuşdular. Mən razı olmadım, sizinlə danışıb anlaşmağı məsləhət gördüm, buna yoldaşlar da razı oldular. Frikson yenə də qorxaq bir səslə: – Mən sizin bu məhəbbətinizdən yerdən göyə qədər razıyam. Bir az keçmədən xidmətçi gəlib bizi şam süfrəsinin başına çağırdı. Frikson və arvadı Sara xanım yenə də qırx min dollar məsələsinə keçərək cürbəcür bəhanələr meydana sürdülər, lakin hamısında da rədd cavabını aldılar. Şam yeməyini təzəcə bitirmişdik ki, qapı vuruldu. Tütünçüoğlu və Həsənağa məni evə aparmaq üçün gəldiklərini xəbər verdilər. Mən ayağa qalxıb əvvəlcə Sara xanımla, sonra da Friksonla vidalaşdıqda, Frikson: – Sizə əmin oluram hal – dedikdə mən də: – Bizimlə olan əlaqənizə təğyir verməyincə daima bizim tərəfimizdən əmin ola bilərsiniz, – dedim. Dəhlizə çıxdıqda Frikson kağıza bağlı bir şeyi Həsənağaya verərkən yenə də mənə müraciət edib: – Əfv edərsiniz, Sara xanım min dollarını xərcləmişdir, – dedi. * * * Jandarm təşkilatı Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik. Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə: «Bu gün konsul məni yanına çağırmışdı». qBu gün konsul dedi ki, həzrət əşrəfin kefi necədir?ə Bu gün konsul bayram münasibəti ilə məni təbrik etmişdi» və ilaaxır... sözlərdən ibarət idi. Bizim yoldaşlardan bir çoxu Tehranla əlaqə saxlamaq, ələ keçən gizli vəsiqələri mərkəzi hökumətə xəbər vermək məsələsini irəli sürürdü. Lakin mən buna qəti etiraz edirdim, çünki mərkəzdə oturanların bir hissəsi ingilis, bir hissəsi rus, az bir qismi də alman tərəfdarlarından ibarət idi. Buna görə də bizim Tehrana göndərdiyimiz xəbərlər birinci növbədə ingilis və çar səfirlərinin əlinə düşəcək, bununla da Təbrizdə gizli bir təşkilatın işlədiyi bəlli olacaqdı. Amerika konsulxanasının baş katibi də öz imzasına hörmət qoyur və vaxtlı-vaxtında bütün xəbərləri bizə gətirirdi. kok Vəliəhdin Təbrizə gəlmək xəbəri ilə bərabər Təbrizdə başqa bir hadisənin zühur edəcəyi gözlənirdi, çünki neçə gündən bəri yenə də küçələrdə dəstələr gəzir və ya €Ya sahibəzzəmanə deyə qışqırırdılar. Bunun üçün də biz Təbriz küçələrində qopan bu vaveylanın təzə bir macəra olduğuna inanırdıq. Sərdar Rəşid bu macəranı bilməmiş deyildi, bu macəra ingilis və çar iandarması tərəfindən düzəlmiş olsa belə, yenə də sərdar Rəşidin əli ilə düzəlməli idi. Bunu sərdar Rəşid bizə deməyəcəkdi, Mahru xanım da ki, neçə gündən bəri xəstə olduğundan nə bizə gələ bilir, nə də telefonla danışırdı. Hər halda mən telefon vasitəsilə sərdar Rəşidlə danışmaq və görüşmək üçün vədələşmək istədim. Sərdar Rəşid, onu telefona çağırdığımdan çox razı qaldı və hazırda Savucbulağa getmək istədiyi üçün mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Mən təcili surətdə onun yanına getdim, çünki o səhər çayını içən kimi yola düşəcəkdi. Sərdar Rəşid özü çay otağına gəlməmiş məni çay otağına keçirdilər. Orada Mahrudan başqa heç bir kəs yox idi. Mahru mənim əlimi sıxdıqda böyük bir məktubu əlimə basdı, lakin onu oxumaq imkanı yox idi, sərdar Rəşid tezliklə çay otağına gələcəkdi. Məktubu cibimə qoydum, evi bir baş dolanmamışdım ki, sərdar Rəşid gəldi, adəti üzrə məni qucaqlayıb öpdü və: – Mahrunun canına and olsun ki, sizi bu gecə yuxumda görmüşdüm, çox nigaran idim, bu saatda da telefon edəcəkdim, çünki mən yuxumda sizi xəstə halda görmüşdüm, əlhəmdülillah ki, cənab sərkarı salamat görürəm, – dedi. O, gözünü bağlamışdı, mən soruşmadan gözü ağrıdığını söylədi və həmişəki kimi dostluğa və mehribanlığa aid bütün rolları oynayıb bitirdi. Sonra da birlikdə çay süfrəsinə əyləşdik. Sərdar Rəşid Mahruya müraciətlə: – Bacım, həkimlər sənə tapşırdı ki, yerindən qalxma, – dedi. – Bacım, get rahat ol, mən Savucbulaqdan qayıdana kimi yerindən qalxmayacaqsan, xəstəsən, Allah etməsin, üzülərsən, evimiz yıxılar, böyük bir tayfadan bir sən, bir də mən qalırıq. Mahru durub getdi, sərdar Rəşid bununla mənə göstərmək istəyirdi ki, o mənimlə öz gizli söhbətlərini təklikdə danışmaq istəyir. Çay içirdik, sərdar Rəşid söhbətini başlayıb dedi: – Cənab sərkari bu gecə telefonla səsləmək istəyirdim, lakin sonra öz-özümə dedim ki, hər söhbəti telefonla danışmaq yaramaz. Doğrusu, gecələr küçələrdən eşidilən €Ya sahibəzzəmanə səsləri məni rahatsız edir. Cənab konsul da çağırıb mənə tapşırıdı ki, bu cürə hərəkətlərin qabağını almaq lazımdır. Yoxsa yenə içindən bir bədbəxtlik çıxar. Sərdar Rəşid bununla mənim ağzımı aramaq istəyirdi, o bilirdi ki, mən bu məsələ barəsində ondan soruşacağam. Mən onun cavabında: – Bəli, bu səsləri mən də eşidirəm. Həzrət əşrəfin hüzuruna gəlməkdə də məqsədim bu idi. Sərdar Rəşid bu sözdən sonra bir az düşünərək: – Bunlar İntizariyun firqəsindən deyillər. Cənab sərdar özü bilir ki, onlar Seyidüşşühəda ziyarətinə gedibdir. Məncə, bunların kim olduqlarını gərək mollalar və müctəhidlərdən öyrənək. Cənab sərkarın özü də bilir ki, molla tayfası nə cür haramzada tayfadır! Bir balaca ki, toxundun, bazarı bağlatdırıb məscidlərə yığılacaqdır. «Dinə toxundularlb deyə hökuməti daşa basacaqlar. Heç bilmirəm nə çarə edim. Haramzada uşağı gündə bir macəra çıxarır, çar konsulu da tələb edir ki, məmləkəti sakit elə. Sərdar Rəşid bu cür bəhanələrlə məni razı salmağa çalışır, bu sirri mənə vermək istəmirdi. Mən də özümü avamlığa vurub: cHəzrət əşrəf doğru buyururə – deyə ona cavab verirdim, çünki mən Mahrunun mənə verdiyi məktuba ümid bəsləyirdim. O, məktubun bu barədə mənə böyük məlumat verəcəyinə inanırdım. Buna görə də sərdar Rəşidə qarşı etimadsızlığımı gizlədirdim. Nəhayət, mən: – Həzrət əşrəf hər halda, ruhanilərlə əlaqə saxlamalı və məsələni öyrənməlidir, – dedim. Bununla söhbəti bitirmək istəyirdim. Lakin sərdar Rəşid başqa bir söhbətə keçdi, öz səfərinin məqsədindən söz açaraq dedi: – Osmanlılar çəkilib gedibdir, lakin Savucbulaq və Miyandab tərəfləri yenə də hərc-mərclikdir. Camaat hansı hökumətin təbəəsi olduğunu bilmir, elə bilirlər ki, bir neçə gündən sonra yenə də osmanlılar qayıdıb gələcəkdir. Talançılıq, qətl-qarət davam edir. – Təkmi gedirsiniz? – deyə sual verdim. – Xeyr, Savucbulaq konsulu da gedir, özü ilə bərabər qoşun da aparır, Allah cənab konsuldan razı olsun, məmləkətin sakitliyi və xalqın əmin-amanlığı üçün əlindən gəldiyi qədər çalışır, heç bir şeyi əsirgəmir. Məsələ aydın idi, çar qoşunu Savucbulağı işğal etməyə gedirdi, sərdar Rəşid isə öz ağalarının xidmətində gedir və bir İran nümayəndəsi kimi öz məmləkətini təslim etmək üçün məcburiyyət hiss edirdi. Mən durub getmək istədikdə o məni dayandırdı: – Oturun, sizi ən əsas bir məsələdən ötrü bura çağırmışdım, o məsələ Mahrunun məsələsidir. – Mahru xanımın nə kimi bir məsələsi vardır? – O qızın fikri məni tamamilə şaşırmışdır. Siz də özgəsi deyilsiniz, indi biz mühüm sirlərin vasitəsilə qaynayıb bir yerə qarışmışıq. Bəndə istəyirəm ki, sizinlə bir az açıq danışım. – Buyurun, həzrət əşrəf daim bizimlə açıq danışa bilər. – Heç soruşmursunuz ki, neçə gündən bəri Mahru nə üçün xəstələnmişdir? – Madam ki, bu barədə həzrət əşrəf bizə xəbər verməmişdir, biz bunu haradan biləcəyik? – Məsələ belədir. Qız indiyə kimi sizin qardaşınız Ağa Əsəd haqqında mənə heç bir söz deməmişdi. Doğrusu, mən onu həmişə mən edirdim, mən onu öz müsahiblərinə ərə verməyə çalışırdım, lakin mənim onu mən etdiyim zamanlar o heç vaxt mənə söz qaytarmamışdı. Ancaq bir həftə bundan əvvəl mən yenə ona nəsihət etdikdə, o mənim üzümə qabarı»: – Artıq gecdir, iş işdən keçmişdir! – dedi. Doğrusu, mən də özümü ələ ala bilmədim, üstünə əl qaldırdım, gərək bunu etməyəydim, o gündən bəri xəstələnmişdir. Cənab Əbülhəsənbəy, rica edirəm bu barədə bizə köməkliyiniz dəysin. – Mən əlimdən gəldiyi qədər kömək etməyə hazıram, lakin bilmirəm bu barədə mən nə edə bilərəm? – Sizin özünüz mədəni, tərbiyəli və hörmətli bir zatsınız, qardaşınız Ağa Əsəd də nəcib, utancaq və tərbiyəli bir oğlandır. Siz mənim dilimdən ona salam yetirib deyin ki, rica edirəm bizim familiyamızdan əl çəksin, hər kimin üstünə əlini qoyarsa, mən onun üçün düzəldim, bütün məsarifi də məndən, ona atalıq edim, bir məmləkətin valisi olduğum halda, qollarımı çırmayıb onun toyunu edim, lakin Mahrudan əlini çəksin, çünki biz İranın adət və ənənəsinə toxuna bilmərik. Bir də odur ki, rəiyyətin vali bacısına evlənməsi xalqın içərisində də şübhəyə səbəb ola bilər. O şübhə elə bir şübhədir ki, sizin qardaşınız Ağa Əsədin üstündə həmişəlik bir ləkə ola bilər. Mən sərdar Rəşidin Mahrunu evdən çıxarmaq istəmədiyini bilirdim. Onun özü Mahrunu sevirdi, onsuz yaşamağı bacarmırdı. Biz isə bir neçə kərə Mahrunu onun əlindən azad etmək üçün söz vermişdik. Buna baxmayaraq, biz onun müvəqqəti olaraq orada qalmasını qərara almışdıq, çünki sərdar Rəşidi kontrol etmək üçün başqa adamımız yox idi. Yazıq qız bizim işimiz xatirəsinə əxlaqsız sərdar Rəşidin nazını çəkmək məcburiyyətində idi, hər halda, Əsədlə onun evlənmək məsələləri bitmiş kimi idi, onlar daim bir-biri ilə görüşür və sevgilərindən azad bir surətdə istifadə edirdilər. Məni sərdar Rəşidin bir sözü çox düşündürürdü, o mənə deyirdi ki: eRəiyyətin vali bacısına evlənməsi xalqın içərisində şübhəyə səbəb ola bilərə. Buna görə də sərdar Rəşidə sual verdim: – Həzrət əşrəfin buyurduqlarına etiraz etmirəm. Lakin o şübhə məsələsini bir növ anlamadım, bir oğlanın bir qıza evlənməsi xalqın içərisində nə kimi şübhəyə səbəb ola bilər? Sərdar Rəşid: ” İranda belə bir qayda vardır, – dedi, – kübar ailələrdən doğulan bir qızın adi bir rəiyyətə ərə verilməsi ancaq bir bədbəxt hadisənin, bir qeyri-şəri işin, daha açığı, bir rüsvayçılığın nəticəsində mümkündür, çünki kübar ailələrdən bir qız namussuz çıxdığı zaman və yainki qeyri-şəri hamilə olduğu vaxt bu namussuzluğu pərdələmək üçün rəiyyətə ərə verərlər və yaxud ev gədəsinin boynuna bağlayarlar. İndi mən də bundan qorxuram. Qorxuram ki, Mahrunu Ağa Əsədə vermiş olsaq, Təbriz camaatı da bu izdivaca haman mən dediyim rəngi versin. Bu iş həm məni xalq içərisində nüfuzdan salar, həm də qardaşınız Ağa Əsədin üstündə ləkə qalar. Özünüz buyurun, belə deyilmi? Mən yenə də həmişə olduğu kimi ona sadə və yekrəng cavablar verdim, onu sakit etmək istədim. – Həzrət əşrəf özü bilir ki, – dedim, – Mahru məsələsi elə də əhəmiyyətli bir məsələ deyil, onlar evlənsə də, evlənməsə də, bundan bizim ümumi məsələlərimiz zərərdidə olmaz. Bizim gündəlik məsələlərimiz daha da mühümdür. Mən ümid edirəm ki, siz bizə verdiyiniz sözün üstündə möhkəm duracaqsınız, bizimlə o ki, lazımdır əməkdaşlıq edəcəksiniz. Məmləkətin səadəti də həmin bizim getdiyimiz yoldadır. Biz sizi böyük bədbəxtlikdən müdafiə edirik. Sizin bizim əlimizdə olan gizli vəsiqələrinizin hər birisi sizin üçün islahedilməz və qarşısı alına bilməz bir təhlükədir. Lakin biz buna imkan vermədik, siz bizim həyatımıza sui-qəsd etdiniz və bizi Helminin əli ilə məhv etmək istərkən, biz yenə də ölkənin səlamətliyi üçün bu cinayəti həzrət əşrəfə bağışladıq. Siz onu bilməlisiniz ki, sizin əlinizdə bizi bədbəxt etmək üçün heç bir vəsiqə yoxdur, biz Təbrizi Helminin qarətindən qurtardıqsa, bu bizim üçün bir başucalığıdır. Biz erməni xalqını osmanlıların qətl-qarətindən müdafiə etdiksə, yenə də bunu hər bir kəs təqdir edə bilər. Mən bunları dedikdə sərdar Rəşid sözümü yarımçıq qoyub: – Ağa, məgər mən bu xidmətləri təqdir etmirəm? Məgər mən cənab sərkarın haqqımızda olan xeyirxahlığını danıram? – Ona görə də bizə verdiyiniz sözlərdə doğruluq və səmimiyyət olmalıdır. – Sizi əmin edirəm, axıra qədər sizinlə əməkdaşlıq edəcəyəm, təzə hadisələr barəsində öyrənib sizə təfsilən məlumat verəcəyəm. Ancaq elə olmasın ki, mənim mövqeyimə toxunulsun... Vidalaşıb çıxdım. Faytona oturub sərdar Rəşidin qapısından bir az uzaqlaşdıqdan sonra Mahrunun məktubunu açıb oxudum: «Əziz və mehriban qardaşım! Mən hər bir sözü sizə yazmaqdan utanıram, kaş anam bu zalımın atasının əlində məhv olduğu zaman mən özüm də məhv olaydım, bu əxlaqsızın əlində əsir olmayaydım. Əziz qardaşım, hərgah sizin tapşırığınız olmasaydı, mən çoxdan bəri özümü məhv etmişdim, mən işin xatirəsinə bunun nazını çəkir və gecələri saat ikiyə qədər onun piyaləsini doldururam. Bir həftə bundan əvvəl gecə saat birdə yenə məst olmuşdu, mənim Əsədlə olan əlaqəmdən söhbət açdı və mənə təcavüz etmək istədi. Əlimdəki piyaləni onun başına atdım, dəyib gözünü yaraladı, buna görə konsulun gözünə görünməmək üçün Savucbulağa gedir. Əsəbiləşdiyimdən xəstələnmişdim, bir həftədir ki, dışarı çıxa bilməmişəm, lazımi xəbərləri telefonla da danışmaqdan qorxuram. Məsələ belədir. Bir neçə gün bundan qabaq konsul sərdar Rəşidə şiddətli və təhqiredici bir məktub göndərib Təbrizdə işləyən gizlin əllərin aşkara çixarılmasını tələb etmişdir. Konsul məktubunda İntizariyun firqəsini ifşa edənləri, çar və ingilis hökuməti əleyhinə intibahnamə buraxanları və sairləri sərdar Rəşiddən istəyir. Sərdar Rəşid öz mövqeyini müdafiə etmək üçün hər cürə cinayətə imkan verə bilər. Əziz qardaşım, bir az ehtiyatlı olmağınız lazımdır. Bundan da əlavə, Təbrizdə təzə bir xəyanət hazırlanması ehtimalı da vardır. İki gün bundan əvvəl bir kərə gündüz, bir kərə də gecə saat 11-də iki iclas olmuşdur, gündüz islasında iki nəfər, gecə islasında isə doqquz nəfər iştirak etmişdir. İkinci iclasda bir nəfər çar, bir nəfər də ingilis zabiti iştirak eləmişdir. Nə danışdıqları barəsində heç bir söz deyə bilmərəm. Lakin rusca, ingiliscə danışdıqlarını bilirəm: ingiliscə və rusca da tərcümanlar var idi. Rica edirəm, əziz qardaş, məni bu zindandan qurtarmaq üçün tələsin, daha taqətim yoxdur. Bacın Mahruə. Məktub mənim halımı dəyişdi, məktubun bir neçə yerdən qaralanması onun ağlaya-ağlaya yazıldığını göstərirdi. Vicdan əzabı məni incidirdi. Hərgah bizim işlərimiz olmasaydı, bir gecənin içərisində mən onu azad etdirərdim, lakin mümkün deyildi, sərdar Rəşidin işini bitirincəyə qədər Mahru orada qalmalı idi. Mahrunun məktubu bizə qismən bir xəyanətin düzəlməsi işarəsini verdi, lakin bunu lazımınca öyrənməli, ingilis və rus zabitinin sərdar Rəşidlə nə məsələ barəsində müşavirə etdiyini təyin etməli idik. Evə gəldim, hələ Nina və Məşədi Kazım ağa səhər çayını içməmişdi, məni gözləyirdilər. Mən Mahrunun xəstəliyi və başına gələn hadisə haqqında Ninaya söhbət etmək istəmədim, çünki o, Mahrunu çox sevirdi, söz yoxdur ki, bu hadisəni eşitdikdən sonra çay içə bilməyəcəkdi. Lakin bunu bacarmadım, çünki bir çox təsadüflərdə mən ona xəbər vermədikdə o şübhələnir və qorxulu bir hadisə baş verdiyini zənn edərək nigaran qalır, əsəbiləşirdi. Buna görə də: – Yaxşı, – dedim, – çayı içib qurtaraq, sizə qəribə bir söhbət edə- «əyəm, çox maraqlı söhbətdir. Nigarançılıq yoxdur. Çayı içib bitirdik, Nina soruşdu: – De görüm nə xəbər vardır? Mən Mahrunun məktubunu nişan verdim. Nina yenə də ağladı və Mahrunu sərdar Rəşidin əlindən qurtarmağı məndən tələb etdi. Mənsə, «az qalın? deyərək onu sakit etdim. Mirzə Ələkbər xanı telefona çağırdım və onunla görüşmək istədiyimi xəbər verdim. Görüşmək üçün vədələşdik. Həmişəki qayda üzrə axşam saat on birdə Mirzə Ələkbər xanın evinə getdim. O yenə də sevindi və yalançı mehribanlıq göstərib, Təbrizdə vaxt keçirmək üçün ziyalı bir cəmiyyət olmadığından şikayətləndi. Mən də onun sözlərinə istər-istəməz beş-on kərə «bəli, bəli dedim, nəhayət, əsl məqsədə keçdim: – Mən sizin yanınıza gizli bir məsələni aydın etmək üçün gəlmişəm. Bu günlərdə Təbrizdə təzə bir hadisənin baş verəcəyi ehtimalı vardır. O barədə də cənab xan müfəssələn məlumat əldə etməli və bizə xəbər verməlidir. Mirzə Ələkbər xan heç də düşünmədən: – Doğrudur, belə bir ehitmal vardır, – dedi. – İngilis və rus konsulxanaları arasında bu barədə müzakirə gedir. – Nə kimi müzakirə getdiyi məlum deyildirmi? – Müzakirələrin mövzusu məlumdur. Onların bütün məqsədləri Təbrizdə gizli işləyən inqilab komitəsi rəhbərlərini əldə etmək və onların üzvlərini həbs edərək İrandan sürgün etməkdən ibarətdir. – Burası aşkardır. Onlar imkan əldə edərlərsə, bir gün əvvəl bu məqsədi həyata keçirərlər. Bizə lazım olan onların nə kimi tədbirlər görməsini bilməkdən ibarətdir. Onlar inqilab komitəsini nə kimi vasitələrlə ələ gətirmək istəyirlər? – Bu günlərdə bu vəzifəni təşkil etmək üçün Tiflisdən bir nəfər yandarm polkovniki Təbrizə gəlmişdir. Hazırda burada Cənubi İran təriqi ilə gəlmiş iki nəfər də ingilis zabiti vardır. Bunlar konsulxanada bir neçə kərə görüşmüşlər. İki dəfə də sərdar Rəşidlə iclasları olmuşdur. Onların məqsədi Təbrizdə birinci növbədə müntəzəm bir casus təşkilatı düzəltməkdən ibarətdir. – Siz bu barədə nə kimi köməklər verə bilərsiniz? – Mən əlimdən gəldiyi qədər çalışıram. Məgər cənab sərkar bunu hiss etmirmi? – Əlbəttə, hiss edirik, bu kömək hamımızın vəzifəsidir, xüsusən cənab xanın özü evətənpərəstdinə və namuslu bir iranlıdır. Siz bilirsiniz ki... – Ağa, məgər bəndə bunu bilmirəm? Neçə illərdir ki, mən öz vətənimə kömək etmək üçün bir vasitə axtarırdım, əlhəmdülillah indi həmin vasitəni həyata keçirməyə başlamışam. – Bizə birinci olaraq təzə casus təşkilatının planlarını öyrənmək lazımdır. – Bunu öyrənmək çox çətindir. Hərgah bu plan çar konsulxanasında olursa, əldə etmək mümkündür. Lakin ingilislərin əlindən bir şey qoparmaq çox çətindir. – Bu barədə çalışın, eyni zamanda casus təşkilatına yazılan üzvlərin də siyahısını əldə etmək lazımdır. – Mümkün olan qədər! Bu barədə cənab sərkara söz verirəm. – Təşəkkür edirəm! – deyə vidalaşdım, çünki başqa yerdə iclasımız var idi. * * * Rəfizadə 1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər " Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik. Rəfizadənin: Təbrizə qayıtması və konsulxanada casusluğa girmək üçün ərizə verməsindən ibarət idi. Rəfizadə illərdən bəridir ki, bizim qorxumuzdan Təbrizə gələ bilmirdi, indi isə Təbrizdə yaşamaq üçün çar konsuluna arxalanmaq istəyirdi. O, konsulxana yanındakı casus təşkilatına yazdığı ərizəsini Əfəndi Bağıra vermişdi. Əgər biz onun Təbrizdə yaşamasına maneə törədə bilməsəydik, o, amerikalı qızı çar konsulunun əlinə verəcək və bu vasitə ilə də bizim təşkilatımızın bir çox üzvlərini məhv etdirəcəkdi. Mən heç şübhə etmirdim ki, o əvvəlcə məsələni amerikalı qızdan başlayacaqdı. Biz Rəfizadə ilə hesablaşmaq üçün birinci növbədə onun nə etmək istədiyini və haradan işə başlayacağını öyrənməli idik. Gecə saat on bir idi. Telefon zəngi vurdu. Amerika konsulxanası katibi Frikson məni yanına çağırdı. Şübhəsiz ki, bu çağırış Rəfizadənin Təbrizə gəlməsi ilə əlaqədar idi. Tez faytonu qoşdurub Friksonun evinə getdim. Friksonu və onun arvadı Saranı həyəcan içində gördüm. Məni görərkən özlərini ələ almağa çalışdılar. Lakin mümkün deyildi, Saranın ürək döyünməsini köksünün titrəyişindən oxumaq olurdu. Frikson adəti üzə boynunu o tərəf-bu tərəfə dartırdı. Onlar mənim qolumdan tutdular, birlikdə Friksonun kabinəsinə girdik. Oturdum, Friksonun stolunun üstündəki soyumuş çayı Sara xanım götürüb getdi, az sonra iki stəkan çay, mürəbbələr və şirin çörəklər gətirdi. Mən Friksona sual verdim: – Təzə nə xəbər var? Frikson: – Təzə xəbər vardır, lakin şad xəbər deyildir. – Nə kimi xəbərlər vardır? – Rəfizadə gəlibdir. O çoxdan bəri burada görünmürdü. Amerika konsulxanasından hesabını almadan yox olmuşdu. Bu gün konsulxanaya gəldi, haqq-hesabını istədi və miss Hannanı konsulxanada görürkən, mənə yanaşaraq soruşdu: – İnqilabçılar ilə əlaqə saxlayan və alman casusu olan bir qızı konsulxanada saxlamaqda məqsədin nədir? – Siz ona nə cavab verdiniz? 1 Rəfizadə - vaxtilə Amerika konsulxanası mütərcimi idi. O, amerikalı qızı aldadı» Hacı Səməd xanın əmisi oğlu Mahmud xana apardığı və bizim sirlərimizdən xəbərdar olduğu üçün qorxub Təbrizdən qaçmışdı. – Mən bu işlərdən xəbərsiz olduğumu söylədim. – Osizin bu sözünüzdən qane oldumu? – Qane oldu, lakin bununla iş bitmir. O, həmin qızı və eyni zamanda sizi məhv etmək istədiyini söylədi. Hərgah qızın başına bir fəlakət gəlirsə, bizim hamımız məhv ola bilərik. Mən vəziyyətin ağır və çıxılmaz olduğunu bilirdim, lakin bunu Friksona söyləmək olmazdı, onsuz da Frikson çox qorxaq adam idi, buna görə də onları sakit etmək üçün: – Həyəcan və qorxuya lüzum yoxdur, – dedim, – bu hadisədən sizin bugünkü vəziyyətiniz dəyişməyəcəkdir. Sizə söz verirəm, Rəfizadə elə bir düşmən deyildir ki, onun qabağında aciz qalaq. Ancaq siz mənə deyin görüm amerikalı qızın özü bu məsələni bilirmi? Erikson: – Xəbərdar deyiləm, – dedi. – Rəfizadə bir də yanınıza gələrsə, onu konsulxanada işə qəbul edəcəyinizə vədə verin və cürbəcür bəhanələrlə qəbul məsələsini yubandırın. Biz hər gün görüşməliyik. Rəfizadə çar konsulxanasında casusluq vəzifəsinə girmək istəyir. Hərgah siz onu burada xidmətə götürmüş olsanız, onun çar konsulu yanındakı qiyməti daha da artıq olacaqdır. Frikson bir az fikirləşərək: – Rəfizadə bizdən oğurlaya biləcəyi sənədləri rus konsulxanasına sata bilməz, çünki onsuz da çar konsulu bizə aid bütün sənədləri mənim vasitəmlə ala bilir. – Sizə nəzarət etmək üçün çar konsulu Amerika konsulxanasında çalışacaq başqa adamlardan da istifadə etməyi istər. Frikson bir az düşünərək: – Doğrudur, – dedi, – çünki mən sizin tapşırığınıza görə bir çox əhəmiyyətli sənədləri sizə verdikdən sonra rus konsuluna təhrif edilmiş bir surətdə verirəm. – Sizin konsulxana ilə olan əlaqənizin şəkli də dəyişməlidir, çünki vəziyyət dəyişmişdir. Sizin çar konsulxanasından əldə edilən sənədləri bizə verməyinizin əhəmiyyəti qalmamışdır. Siz indi bizə çar konsulxanasının vəliəhd ilə olan əlaqəsi haqqında məlumat çatdırmalısınız. Frikson: – Yaxşı yadıma saldın, - dedi və ayağı qalxıb sandıqdan bir neçə parça kağız götürüb mənə göstərdi. – Bu kağızlar vəliəhdə Tehrandan gələn məktubların və Nizamülmülkün hökumət işlərinə dair mərkəzdən göndərilən vəsiqələrin fotosudur. Bu vəsiqələrin hər gün fotolarını alıb çar konsulxanasına gətirirlər. Onları Friksondan alıb, tanış olmaq üçün cibimə qoydum. Vidalaşıb ayrıldıq, çünki amerikalı qızın evinə gedəcəkdim. Mən son zamanlar amerikalı qızın evinə çox az-az gedirdim, çünki onun bizə verəcəyi xəbərləri Friksondan alırdıq, buna görə də onu xəbərlərinin bizim üçün bir əhəmiyyəti qalmamışdı. Açığını söyləmək lazım gəlir ki, hazırda amerikalı qız bizim boynumuzda ağır bir yük olmuşdu, onu öz işimizin xatirinə müdafiə etməyə məcbur idim, çünki onun ifşa edilməsi bizim ifşa edilməyimiz demək idi. Vaxtı keçirmək olmazdı, vaxt uzandıqca məsələ də dərinləşə bilərdi. Gecə saat on ikini keçəndə amerikalı qızın qapısını vurdum. Xidmətçi qadın gəlib qapını açdı. Məni görürkən doluxsundu, mən özümün gecənin bu vaxtında gəldiyim üçün onu heyrətləndirdiyimi zənn etdim, daha bir söz soruşmadım, pilləkənlərdən yuxarı çıxdım. Miss Hannanın otaqlarının çıraqları yanırdı, onun qəbul otağına girərkən otağın pozğun və dağınıq bir halda olduğunu gördüm, şeylər bir tərəfə yığılmışdı, bəzisi bağlanıb otağın bucağında qoyulmuşdu. Otaqda kimsə yox idi, ancaq mənim dalımca içəri girən xidmətçi qadın idi. Xidmətçi qadın içəri otağa keçib miss Hannaya mənim gəldiyimi xəbər verdi. Mən bu vəziyyəti görürkən yenə də qıza bir hadisə üz verdiyini yəqin etmişdim. Bir azdan sonra qız içəri otaqdan çıxdı, o, səfərə hazırlaşmış idi, məni görürkən körpə uşaq kimi ağladı - sakit olmurdu: mən durub baxır və öz-özümə deyirdim: «Dünyanın ən gözəl bir qızı dünyanın ən ağır bir işgəncəsini çəkir...) Doğrudan da, mən hazırda onun qədər bədbəxt və yazıq bir qız bilmirdim, eyni zamanda onun düşdüyü fəlakətlərin səbəbi olduğum üçün qızın üzünə baxmaqdan utanırdım. Onun həyatını zəhərləyən mən olmuşdum. O bizə xidmət etmək üçün kor-koranə alman konsulxanasının pəncəsinə düşmüşdü. O məni sevdiyi və mənə hörmət bəslədiyi üçün neçə illərdir ki, yaxşı gün görməmişdir. Onun ağlaması artırdı, ürəyinin keçməsindən qorxurdum, qolundan tutub örtüyü götürülmüş taxta divanın üstündə əyləşirdim. Ona mehribanlıq etməyə, saçlarını tumarlamağa başladım: – Sənə nə olubdur? Nə üçün ağlayırsan? Məgər mən Təbrizdə deyiləm? Hərgah sənə bir fəlakəttüz vermiş və səni bir fəlakət təqib edirsə, mənə xəbər verə bilməzdinmi? Sən bilirsən ki, mən barmağina bir tikan batmasına razı deyiləm. Sən onu yəqin etməlisən ki, biz son imkanlara qədər səni müdafiə edəcəyik. Qız yanımdan durub getdi, azdan sonra yenə də qayıdıb gəldi, daha ağlamırdı. – Artıq mən sənin boynunda yük olmaq istəmirəm, sənə az əziyyət verməmişəm. Daha utanıram, hər şey və hər iş üçün də səni narahat etmək yaramaz. Bir də budur ki, sən hər cəhətcə məndən uzaqlaşmağa çalışırsan. Madam ki, sən məni soruşmur və işimdən xəbər tutmaq istəmirsən, nə üçün sənə müraciət edim? Qız bunların hamısını doğru deyirdi. Biz fəlakətinə səbəb oldu- 8umuz qızın aylarla kefini soruşmurduq, çünki onun vəzifəsini başqaları ifa edirdi. Buna baxmayaraq, biz haqlı deyildik. Son günlər qızın bəzi şeylər satdığını da eşitmişdim, çünki onun aldığı maaş böyük bir binanın kirayəsini və xidmətçinin maaşını verməyə çatmazdı. Təbrizdə bahalıq idi. Əvvəlləri ona cürbəcür bəhanələrlə maddi yardım verirdik. Son aylar isə bunu da kəsmişdik. Lakin burası bizim xəsisliyimizdən deyil, vaxtımızın olmamasından idi. Utandığımdan məni tər basmışdı. Qıza nə cür cavab verəcəyimi və nə kimi bəhanələr gətirəcəyimi bilmirdim, doğru danışmaq və təqsirdən boyun qaçırmamaq lazım idi. – Dediklərin doğrudur, – dedim, – mən öz təqsirimi boynuma götürürəm, bir daha onun təkrar edilməməsi üçün sənin sağlığına and içirəm. Mən ona heç vaxt belə and içməmiş və eyni zamanda da özümün təqsirli olduğumu etiraf etməmişdim. Bu and və bu iqrardan amerikalı qız şadlanıb: – Təşəkkür edirəm! – dedi. – Lakin çox gecdir. Mən bir saat sonra Təbrizdən köçüb gedirəm. – Hara gedirsiniz? – Təyin etmədiyim bir tərəfə! – Əcəba, bu qədər təcili köçməyinə səbəb nədir? – Burada yaşaya bilmək ümidlərim kəsildi. – Nə üçün? – Çünki Rəfizadə qayıdıb Təbrizə gəlmişdir. – Məgər onu qaçmağa biz məcbur etməmişdik? Gəlibdirsə, yenə də rədd edərik. Qız bir az düşünərək: – Hərgah bu dəfə onu rədd edə bilsək belə, o bizi məhv edə bilər, onun xəyalı büsbütün başqadır. O mənə məktub göndərmişdir. – Hansı məktub? Miss Hanna redikülünü açıb məktubu çıxardı, məktub ingiliscə Rəfizadənin öz xətti ilə yazılmışdı: «Əziz və hörmətli Missl Mənim neçə illərdən bəri öz işimdən və öz vətənimdən avara düşdüyümün səbəbini siz çox yaxşı bilirsiniz. Şühbəsizdir ki, bu sizin rizanızla olan bir hadisə deyildi, siz heç vaxt o cür mədəniyyətsizliyə yol verməzdiniz. Lakin sizin tanış olduğunuz və ərə getmək istədiyiniz Əbülhəsənbəy Təbrizdə bir çoxlarını bədbəxt etdiyi kimi məni də bədbəxt etmişdir. Hazırda onun sizi buraxdığını və Təbrizdə sülh və səlamət bərpa olduğunu eşidib Təbrizə gəlmişəm. Mən öz düşmənimdən intiqam almaq istəyirəm. Lakin burada siz də bədbəxt olacaqsınız. Mən indiyə qədər sizi nəzərə alıb bu sirləri açmamışam, hərgah siz bu təhlükədən qurtarmaq istəyirsinizsə, Əbülhəsənbəyin xəyanətləri haqqında müfəssəl bir məktub yazıb mənə verin, mən onları lazımi yerinə verəcəyəm. Hərgah mənim təkliflərimi qəbul etsəniz, Amerika konsulxanasında da işləyə biləcəksiniz, əks surətdə sizi ifşa edəcəyəm. Sonrakı bədbəxtliyin məsuliyyəti öz öhdənizdə qalacaqdır. Sabah saat 12-yə qədər məktubuma cavab verməlisiniz. Təbriz, 15 sentyabr, Rəfizadə). Məktubu oxuyub bir vəsiqə olaraq amerikalı qızın icazəsi ilə cibimə qoydum və qıza sual verdim: – Bu məktubun səbəbinəmi Təbrizdən qaçırsan? – Bu məktubun nəticələrini hiss edərək qaçıram. Mən qızın Təbrizdən qaçması üzərində bir qədər də düşündüm, onun buradan getməsi hər halda bizim vəziyyətimizi yüngülləşdirəcəkdi, lakin onun özü könüllü olaraq Təbrizdən qaçmırdı. Onu böyük fəlakətin qorxusu Təbrizdən qaçmağa məcbur edirdi. Əvvəla budur ki, onun qaçması ilə (hərgah müvəffəqiyyətlə qaçıb qurtara bilsə belə) bizim üçün vəziyyət dəyişmirdi, çünki bununla o ancaq özünü fəlakətdən qurtara bilirdi, biz isə yenə də Rəfizadə ilə üz-üzə durmağa məcbur olacaqdıq. İkinci tərəfdən də biz onu bilməli idik, hazırda Təbrizdən heç kəsin qaçıb qurtarması mümkün deyildi, qız tamamilə çar qoşununun və çar landarmının əlində idi. Qızın nicatı yenə də Təbrizdə qalmaqda idi, biz isə Rəfizadədən əvvəl işə başlamalı idik. Mən qızın saçlarını sığallayaraq: – Heç də qorxma, mənim əziz və gözəl dostum, – dedim. – Nicat qaçmaqda yox, burada qalıb mübarizə aparmaqdadırl ” Mənim əlimdən nə gəlir, yazıq bir qızam, kimim vardır? Məni kim müdafiə edə bilər? Amerika konsulxanası da bu hadisəyə qarşı məni müdafiə edə bilməz. Burada qalıb o alçağın qolları arasına düşməliyəm? – Qorxma, – dedim, - o fikirləri başından çıxar. Səni elə bir əl müdafiə edir ki, səndən başqa bir çoxlarını da müdafiə edə bilər. Dur soyun. Dur mənim qəlbimi gəncliyə qaytar. Qalx, qalx, bir daha Livarcan yaylasını mənim nəzərimdə cilvələndir. Dur, Hanna, dur! Qarşımda dolan, dur üzərindən kədərlər silkinib tökülsün. Üzərimdə minlərlə hadisələr, təhlükələr, uyğunsuzluqların ağırlığı durur, qalx, yorğunluğumu unutdurmaq üçün bir az qəlbimə təsəlli ol. Dur, xidmətçi qadına əmr ver ki, evini düzəltsin və samovarı hazırlasın. Amerikalı qız bu sözləri məndən bir ildən çox idi ki, eşitməmişdi. Sevindiyindən titrədi, qalxdı, içəri otağa getdi, o ağlayacaq idi. Azdan sonra xidmətçi qadın gəlib qarşımda durdu, heç bir söz demirdi. -— Çay hazır edə bilərsinizmi? – Bəli, hazır edərəm! – Xanım, qız yemək yemişdirmi? – Xeyr, səhər gedib hər bir şey almışam, lakin hazırlamağa imkan verməmişdir. Ancaq evi yığışdırmaq və şeyləri bağlamaqla məşgul olmuşuq. – Daha getməyəcəksiniz. Yemək hazırlayın və çay düzəldin. Qoca xidmətçiyə bu sözümdən gözləmədiyi bir şadlıq gəldi, başı titrəyə-titrəyə qayıtdı. Mən tək oturmuşdum, bu əxlaqsız Rəfizadənin təzə avantürasına nə cür nəhayət verə biləcəyim haqqında fikirləşirdim. Onun fikri yalniz amerikalı qızı əlinə keçirmək və ondan bir qadın kimi istifadə etmək olsaydı, ona çarə tapardıq: nəsihət verər, qorxudar, nə cür olursa-olsun bu fikrindən vaz keçirərdik. Lakin o öz macərasına yalniz amerikalı qızı deyil, bizi də qurban vermək istəyirdi. Bir çox zəhmətlə ələ aldığımız Amerika konsulxanası katibi Frikson da məhv olacaqdı. Rəfizadə tək-tək inqilabçıların əleyhinə deyil, ümumiyyətlə, Təbrizdə çalışan gizlin təşkilata qarşı sui-qəsd hazırlayırdı. Bütün bu cəhətləri nəzərə alaraq Rəfizadə məsələsini şəxsən həll etmək mümkün olmayacaqdı. Bu məsələni iclasda qoymaq lazım idi. Lakin vaxt az idi, amerikalı qız sabah saat 12-də Rəfizadənin məktubuna cavab verməli idi. Fikirdən, düşüncədən bir nəticə əldə etmədən qabaq miss Hanna içəri otaqdan çıxıb yanıma gəldi, yemək stolunun üstünü döşəməyə başladı. Əynindəki abı ipək donun tarixini onun ətəklərindəki bir neçə ulduz biçimli ləkələrdən oxuyurdum. O ləkələr Livarcan yaylasına məxsus sərin gecələrdə sevgi düşüncələri ilə coşan bir qəlbin, göz bəbəklərindən düşən damcıların ləkəsi idi. Xidmətçi qadın yemək gətirdi, çay hazırladı. Miss Hannanı cürbəcür söhbətlərlə məşğul edib yedirtdim, özüm də onunla bərabər yedim. Gecə saat 3-də qapı vuruldu, xidmətçi qadın faytonçunun gəldiyini xəbər verdi, mən qapıya gedib faytonçunun pulunu verdim və xanımın getmək istəmədiyini xəbər verib razı saldım. Saat 4-də amerikalı qızla vidalaşdığım zaman: – Səhər işə çıxmayacaqsan. Evdə oturarsan. Düz saat 10-da məni gözləyərsən, Rəfizadəyə nə cavab verəcəyimiz haqda danışarıq, – deyib əlini sıxdım. "kkok Axşam saat 10-u keçirdi. Amerikalı qız geyinib oturmuşdu. O, Rəfizadəni gözləyirdi, axşam saat 12-də Rəfizadəyə təslim olmaq üçün söz vermişdi. Qapı vuruldu, miss Hanna bunun Rəfizadə olmasını zənn etmirdi, çünki ona saat 12-in yarısında, küçələrdən camaatın ayağı kəsildiyi zaman gəlməsini tapşırmışdı. Amerikalı qızın qadın xidmətçisi qapıya gedib deşikdən baxdı, qapıda gödəkboylu bir adamın durduğunu görüb səsləndi: – Qapını vuran kimdir? – Açın, madam, özgəsi deyil, kiçik xanımın tanışıdırl – Adınız nədir? – Adım Rəfizadədir. Kiçik xanımın özü mənə gəlməyimi əmr etmişdir. – Çox gözəl, gedib bu saat kiçik xanımdan icazə alım. Qadın getdi, Rəfizadə isə qapı açılana qədər keçən bir neçə dəqiqəni özü üçün bir il qədər uzun hesab edirdi, çünki illərdən bəri həsrətini çəkdiyi bir qızın vüsalına yetişmək üçün tələsirdi. Qadın qapını açıb Rəfizadəni içəri buraxdı. Rəfizadə miss Hanna üçün gətirdiyi şirin və dadlı hədiyyələri xidmətçi qadına tapşıraraq, miss Hannanın otağına girdi və qızı təlaş və həyəcan içində tapdı. O titrəyir, tez-tez dilini çıxarıb qurumuş dodaqlarını isladır və sanki demək istədiyi mühüm bir sözü gizlətməyə çalışırdı. Rəfizadəni heyrət götürdü, çünki miss Hanna onu gülərüzlə qəbul etmiş və axşam ona təslim olacağını vədə vermişdi, buna görə də Rəfizadə vəziyyəti aydınlaşdırmaq üçün ona sual verdi: – Bu gün saat 12-dən sonra bir hadisəmi üz vermişdir? Miss Hanna tutqun bir səslə cavab verdi: – Bəli, bir hadisənin üz verəcəyi ehtimalı vardır. – Nə kimi hadisə? – Burada bizim vaxt keçirməyimizə mane olacaqlar. – Kim mane olacaq? Bu sözdən sonra miss Hama yazı stolunun üstündən bir məktub götürüb Rəfizadəyə verdi. «Əziz və gözəl dostum miss Hannal Bu gün axşam saat 11-də, bəlkə, bir az da tez, sizi görmək, bəzi məsələləri aydınlaşdırmaq üçün gələcəyəm. Əbülhəsənbəyə. Rəfizadə məktubu oxuduqdan sonra sual verdi: – İndi siz nə etmək istəyirsiniz? – Biz bu saat buradan çıxıb, vaxt keçirmək üçün başqa bir yerə getməliyik. – Hara gedək? – Hər yerə ki, sən istəyirsən, getməyə hazıram, ancaq mədəni yer olsun. – Gecdir. Saat 10-u keçir, indi mən haranı tapa bilərəm? Sizi qaraçı evlərinə aparmaq olmaz. Başqa bir yer də yoxdur. Hərgah özümün ayrica evim olsaydı, öz evimə aparardım, lakin yoxdur, özüm də müvəqqəti bacımın evində oluram. Oraya isə sizi aparmaq olmaz. Bacım namaz qılan, oruc tutan, xariciləri murdar bilən ədabazın birisidir. – Mən burada yaşaya bilməyəcəyəm, hər halda sizin ayrıca eviniz olmalıdır. Mən buradan köçüb getməliyəm, siz bunu bilirsiniz ki, onlar burada bizə rahat yaşamaq imkanı verməzlər. – Əvvəla budur ki, mənim evim olacaqdır. Siz məni eşitsəniz, Amerika konsulxanası katibinin qulağını burub, istədiyimi ala bilə- «əyəm. O ki, qaldı onların bizə rahat yaşamaq imkanı verməməsinə, onlar buna imkan tapmayacaqlar, onların hamısını tutub Rusiyaya göndərəcəklər. Konsulxanaya verilmək üçün yazdığım ərizədən birini də Şandarm idarəsinə yazmışam. Sabah aparıb öz əlimlə verə- «əyəm. Əbülhəsənbəyin özünü də, onun sevgilisi və həmfikri olan Ninasını da məhv etdirəcəyəm. Miss Hanna Ninanın adını eşidərək heyrətlə soruşdu: – Onun sevgili Ninası kimdir? – Konsulxanada çalışan bir rus qızıdır. Təbrizi bir-birinə vuran və konsulxananın xəbərlərini gətirib onlara verən haman rus qızıdır. Bu sözlə miss Hamnanın halı dəyişdi, onun qəlbində Əbülhəsənbəyə qarşı bir dönüş yarandı, o öz qəlbində: «Mən ondan ötrü bütün varlığımı atdım, – dedi, – atamdan, anamdan əl çəkdim, onun üçün bir neçə hökuməti satdım, onun üçün illər uzunu gecələr yatmadım, onun üçün gəncliyim dərdlər, qüssələr və göz yaşları içərisində keçdi, onun üçün üzərimə casusluq ləkəsi də düşdü, lakin o məni aldatdı, başqasını sevdiyi və başqası ilə yaşadığı halda məni aldatdı, məni öz məqsədi uğrunda istifadə etdi». Bu düşüncələrdən sonra yenə də öz-özünə: €Yox, mən daha onu sevmirəm, – dedi, – özümə söz verirəm, ondan əl çəkəcəyəm, onun hipnozundan özümü xilas edəcəyəm. Mən onun sevgisindən yeddi ildən bəri bir nəticə ala bilmədimsə, bundan sonramı bir müsbət nəticə alacağam?) Qoy öz Ninasının yanına getsin. O, bir daha mənim yanıma gələn kimi qovacağam! Qoy mənim qəlbimi bəndə salmasın, qoy mənə rahatlıq versin. Hərgah o olmasaydı, mən hazırda əlində əsir olduğum Rəfizadəylə qarşı-qarşıya durmazdım. Namusum və qızlıq mənliyim təhlükə qarşısında olmazdı. Bu nə üçündür? Onu sevdiyim üçün?ə Miss Hama bir an bütün vəziyyəti Rəfizadəyə danışmaq və öz ni- «atını ondan axtarmaq xəyalına düşdü, lakin onun əqli qısqanclığına qələbə çaldı, özünü ələ alıb: €Yox, – dedi, – hərgah o məni bu cürə təhlükələr qarşısında qoymuşsa da, məni ölümlərdən, təhlükələrdən də ancaq o qurtarmışdır. O hər şeyi bacarır, onun iradəsi bir kişi iradəsidirf O, insanı bir mədəni adam kimi sevməyi bacarır. Onun qadına olan ehtiramı hər şeydən ucadır, onun qədər qadın namusuna qiymət verən bir kişini tapmaq olurmu? O istəsəydi, məndən bir qadın kimi də istifadə edə bilərdi. Kim bilir, bəlkə, onun Ninası məndən gözəl və məndən də bacarıqlıdır. Yaxud o bədbəxt qızı da məni aldatdığı kimi aldadırmış? Onunla görüşmək və qəti danışmaq lazımdırə. Miss Hanna düşüncələrdən başını qaldıraraq Rəfizadənin üzünə baxdı və: – Fikrin nədir? – deyə soruşdu. – Yer üçün fikirləşirəm. – Sən mənə inanırsanmı? – İnanıram, missl – İndi ki, inanırsan, mən səni cErmənistanpda yaşayan bir dostumun evinə aparım, tanış da olarsınız. Orada həyat və vaxt keçirmək üçün də hər şey mümkündür. Özü də mədəni adamdır. Daha nə üçün səndən gizlədim, bir neçə kərə onun evinə vaxt keçirmək üçün də getmişik. Sirr saxlayan adamdır, uyğun otaqları və rahat olmaq üçün hər şeyləri vardır. Rəfizadə bu sözdən şadlandı, ancaq bir az fikirləşəndən sonra: – Təəssüf edirəm, miss, – dedi, – bunu vaxtikən bilsəydim, özümlə para götürərdim, yanımda para yoxdur. – O barədə düşünmə. Orada o qədər də para lazım deyildir, məndə vardır. Lazım olduğu qədər götürə bilərik. Lakin bilmirəm, ora getmək üçün fayton tapa biləcəksənmi?1 – Bilmirəm, orası çətindir. Faytonların duran yeri çox uzaqdadır. Rastıma gələrsə tez gətirərəm. Gəlməsə, uzağa getmək lazım gələcəkdir. – Onun gəlməsinə yarım saat vardır. Bu vaxta qədər qayıda bilərsənmi? – Öz taleyimi sınaram! Rəfizadə bunu deyərək çox tələsik getdi. Miss Hanna yenə də qısqanclıq dənizlərinə qərq olaraq düşünməyə başladı. O, Ninaya cürbəcür şəkillər verirdi. Ninanı gah gödəkboylu və uyğunsuz əndamlı bir qadın hesab edir, gah da onu qaba səsli, şişman vücudlu, topal bir qız kimi təsəvvür edirdi. O öz qısqanclığını söndürmək üçün dünyada nə qədər mənfur əlamətlər varsa Ninaya taxır və Əbülhəsənbəyin ona əbəs yerə bağlandığını qeyd edirdi. Miss Hanna da başqa qızlar kimi, özündən gözəl və özündən bacarıqlı bir qız bilmirdi. Buna görə də tələsik qalxıb, güzgünün qabağında durub, öz əndamını gözdən keçirdi. 4Mən heç inana bilmirəm ki, dünyada mənim qədər gözəl bir qız tapılsın. Hərgah o məndən gözə! bir qız tapıb sevmiş olsa, mən onu bağışlayacağam, onu heç vaxt qısqanmayacağam. Nə olar! Kişidir, məndən gözəlini tapıb sevmişdimə. Yenə də miss Hamna bir az düşünərək, Ninaya müəyyən bir şəkil verməyə çalışdı. Nəhayət, o, çar konsulunun qonaqlığında gördüyü sarı, altun saçlı, uca və mütənasib əndamlı sevimli bir çöhrəyə malik olan bir qızı yadına salarkən, bir daha güzgünün qarşısında durdu. Miss Hama konsulxanada gördüyü qızla özünü müqayisə etdi. Nəhayət, onun dodaqlarından özü də hiss etmədiyi halda bir səs eşidildi: «Deyəsən, o qız məndən gözəldirə. Rəfizadə sevinərək içəri girdi: – Qapıdan bir faytonun keçdiyini gördüm, bizi 4Ermənistanpa aparmağa hazırdır. Lakin qayıdanbaş başqa bir fayton tapmalıyıql – Eyb etməz, gecəni qayıtmaya da bilərik. Orada gecələrik. – Elə isə tez ol! Fayton qapıda bizi gözləyir. ck.) Böyük və ikitaylı bir qapını vurdular. Səs verən olmadı, Rəfizadə həyəcanla: – İndi mənim bəxtimdən bunlar da evdə olmayacaqdır, – dedikdə miss Hanna: – Elə iş olmaz. Gecənin bu vaxtında onlar hara gedə bilərlər, – deyərək qapını bir də vurdu. Az keçəndən sonra həyətdə bir nəfərin ayaq səsləri eşidilməyə başladı. – Kimsən? - deyə soruşduqda, miss Hanna: – Bizik, özgəsi deyil, – dedi. Qapını gödəkboylu, yoğun gövdəli, gözlərində çeşmək olan bir adam açdı, əlindəki fənəri Hannanın və Rəfizadənin gözlərinə tutub baxdı və: – Əzizlərim, nə istəyirsiniz? – deyə soruşduqda miss Hanna yavaşdan: – Qonaq gəlmişik, vaxt keçirməyə gəlmişik, – dedi. Ev sahibi onları içəri alıb qapını bağladıqda: – Xoş gəlmişsiniz, yaxşı vaxtda da gəlmişsiniz, bu gecə sizin bəxtinizdən evdə də heç kəs yoxdur, – dedi. Rəfizadə isə cavabında: – Bizim üçün də bu lazımdır. Əks-surətdə mənim xanımım hər bir yerə getməz. – Qorxmayın, ehtiyat etməyin, mənim evim sizin öz evinizdir. Burada sizin xanımınızın başından bir tük əskik olmaz. Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır. Miss Hanna: – Sizdən çox razıyam. Özünüz mədəni adamsınız, bu da hər şeydən – meydən, məzədən də artıqdır, – dedi. Ev sahibi: – Belədir, bizim evimizə hər adamın yolu yoxdur, – deyə qabaqda fənəri tutub gedirdi. Həyətdə səs-səmir yox idi. Geniş bağçanın arasındakı xiyabanla bir neçə dəqiqə getdikdən sonra, bağçanın başında görünən böyük bir binanın alçaq pilləkənindən yuxarı qalxdılar, balkonda da fənər yanmırdı. Bir neçə saniyə sol tərəfə getdikdən sonra ev sahibi təktaylı bir qapını açıb içəri girdi. Bu kiçik lampa ilə işıqlanmış bir dəhliz idi. Dəhlizin görünüşü buranın fəqir və yoxsul ailəyə yox, zəngin bir ailəyə məxsus olduğunu göstərirdi. Ev sahibi dəhlizdən bir qapını açıb içəri girdikdə elektrik işığı ilə işıqlanmış gözəl bir salona daxil oldular. Rəfizadə salonu nəzərdən keçirdikdən sonra: – Doğrudan da, kef çəkməli yerdir! – dedikdə miss Hanna da: – Əgər imkan yaradılarsa, – deyərək güldü. Bu halda Tütünçüoğlu içəri girib miss Hannaya dedi: – Xanım qız, fayton sizi qapıda gözləyir, evə gedəcəksinizsə buyurun!.. Rəfizadə sanki yatmışdı, yuxusundan ayıldı və Tütünçüoğluna sual verdi: – Sən kimsən? – Mən vaxtilə cənab Rəfizadənin bığlarını kəsən oğlanam. Miss Hanna Tütünçüoğluna: – Mən təkmi evə qayıdacağam? - dedikdə Tütünçüoğlu: – Xeyr, sizi faytonla bura gətirən Həsənağadırl – dedikdə miss Hanna Rəfizadəyə dönərək: – Öz bəxtindən şikayət etməlisən, vaxt keçirməyə imkan vermədilər, – deyə salondan çıxdı. Bir az keçmədən mən və dörd nəfər də başqaları salona daxil olduq. Rəfizadə ayaq üstündə donub qalmışdı. Mən ona tərəf dönərək, yer göstərib: – Oturun, – dedim. – Bu gecə inqilab məhkəməsi sizi mühakimə edir. Burada düz danışmalısınızl Rəfizadə soyuqqanlı bir surətdə oturdu. Mənə dönüb: – Məni heç bir kəsin mühakimə etməyə haqqı yoxdur. Bu evin sahibi mənim səlamətliyimə zamindir. Əks-təqdirdə sabah mən onu məhv etdirərəm, – dedikdə ev sahibi güldü: – Bəlkə də, siz məni tanımırsınız. Adımı dəftərinizə yazın, qəbirinizdə inkir-minkir soruşarsa, deyərsiniz ki, məni Arşak Sürenyansın evində cşəhadətəə yetirdilər. Rəfizadənin rəngi ağardı və mənə sual verdi: – Məgər mənim neçə ildən bəri öz işimdən, ev-eşiyimdən avara düşməyim bəs olmadımı? Məni nə təqsirlə mühakimə edirsiniz? – Səni bir inqilab düşməni, bir xəfiyyə, bir casus kimi mühakimə edirik. – Məndə bu dediklərinizin heç birisi yoxdur. – Doğrusunu deyin, heç olmasa ömrünüzün axırında düz söz danışın! – Mənim heç bir şeydən xəbərim yoxdur! Mən əlimi uzadıb, cibimdən bir kağız çıxarıb Rəfizadəyə göstərdim: – Bu ərizəni konsulxanadakı casus təşkilatına vermək üçün sən yazıb Əfəndi Bağıra verməmisənmi? Bu yazı sənin yazın deyildirmi? – Bəli, mənim yazımdır. Mən yazmışam, çünki bunsuz yaşaya bilməyəcəkdim. – İranda yaşamaq üçün çar casusu olmaqmı lazım gəlir? – Mənim işim belə düşübdür. – Buna kim müqəssirdir? Siz amerikalı qızı aldadıb qaraçı evlərinə aparmadan yaşaya bilməzdinizmi? – Məni bu işə Səməd xanın əmisi oğlu Mahmud xan məcbur edirdi. – İndi deyin görüm, iandarm idarəsinə vermək üçün yazdığınız ərizə haradadır? – Mən elə bir ərizə yazmamışam. Mən Tütünçüoğluna müraciətlə: – Əsəd, bunun üstünü axtar! – dedikdə o tələsik əlini qoynuna aparıb: – Axtarmaq lazım deyil, qoyun verim, – deyə qoynundan bir kağız çıxardı. Mən onun tələsməsindən şübhələndim, onun yanında daha başqa vəsiqələr olduğunu zənn etdim, buna görə də Tütünçüoğlunun onu axtarmasını təkrar etdim. Tütünçüoğlu onu axtarmağa başladı. Onun yanında olan kiçik bir brauninq tapançanın üstündə təkcə bir dənə patronu var idi, bundan başqa qoynundakı dəftərin arasından bir çox kağızlar da çıxdı. Onları yoxlamağa başladıq. Birinci olaraq, özü çıxarıb verdiyi kağızı oxuduq, orada mənim və başqalarının gizlin təşkilat üzvləri olması barədə iandarm idarəsinə məlumat verilirdi. İkinci kağız, Rəfizadənin yazdığı məktuba sərdar Rəşidin verdiyi cavabdan ibarətdi. Sərdar Rəşid ona yazdığ məktubunda bizim gizli təşkilatda işlədiyimizi təfsilən yazıb ona bildirmiş və onun Təbrizə gələrək bu barədə çar konsuluna məlumat verməsini tövsiyə etmişdi. Mən ona sual verdim: – Sən nə üçün neçə ilin ərzində bizim barəmizdə konsulxanaya məlumat verməmişdin? – Mən sizin bir tacir olduğunuzu və amerikalı qız üçün məni cəzalandırdığınızı bilirdim. Eyni zamanda sizin nüfuzlu və bacarıqlı adam olduğunuz da mənə məlum idi. Qürbətdə qalmaqdan yorulmuşdum. Təbrizə isə sizin qorxunuzdan gələ bilmirdim. Bu barədə sərdar Rəşidə yazıb, özümün nə səbəbə qaçaq düşdüyümü bildirib kömək istəmişdim. O isə məktubumun cavabında haman bu məktubu yazmışdı. – Sən də buna əməl etmək istəyirdinmi? – Bəli, etmək istəyirdim! – Çox yaxşı, amerikalı qızla nə işin var idi? – Mən onun sizinlə əlaqədə olduğunu və sizin ona kömək verdiyinizi bildiyimdən onu cəzalandırmaq istəyirdim. – Onu buradamı cəzalandıracaqdın? – Xeyr, onunla burada vaxt keçirəcək və ondan sizin nə kimi adam olduğunuza dair vəsiqə alıb konsula verəcəkdim. Məsələ aydın idi. Rəfizadəni azad buraxmaq yaramayacaqdı, səhər saat 9-da keçirilən iclasda da onun edamına qərar verilmişdi. Gecə saat bir olmadan biz Arşakla vidalaşıb çıxdıq. Rəfizadənin cəzalandırılmasını isə Tütünçüoğluna, Quluzadəyə və Arşaka tapşırdıq. * * * Polkovnik Berezovski Təbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi. Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi. Axşamçağı idi. Mühüm bir işimin olmadığını nəzərə alaraq, faytonu qoşdurub erməni məhəlləsinə getmək, Arşak Surenyans ilə görüşmək istədim. Arşak ağıllı, tədbirli, igid bir inqilabçı olduğu kimi, çox da məzəli bir oğlan idi. Hələ Səttar xan Təbrizdə olduğu zamanlarda, həmişə çətin və kədərli günlərdə qulluqçusu Mirzə Məmmədə deyərdi: «Sən olasan mənim canım, Arşakı tapıb bura gətirinə. Müharibə günlərində mücahidlərdən bir çoxu Arşak olduğu səngərlərdə vuruşmaq istərdi. Arşak daim and içirdi ki, əlinə tüfəng alandan bir gülləsinin havayi getdiyini xatırlamır. Arşak farsca, azərbaycanca, rusca, ingilis və fransızca bir ədib kimi danışa bilərdi. O, gənc olduğuna baxmayaraq, yeddi-səkkiz sənət öyrənmişdi. Lakin bu sənətlərin heç birisindən istifadə etməzdi. Onun daimi və əsas peşəsi saxta ingilis banknotu düzəltməkdən ibarət idi. O, üstü xBangi-şahənşahi-İranə yazılı saxta ingilis paralarını öz qiymətinə xərclərdi. Onun kimi rəhmli, insaflı, vicdanlı və səmimi adamlara az-az təsadüf olunurdu. Eyni zamanda o, inqilab düşmənlərinə qarşı olduqca inadlı, rəhmsiz və amansız bir adam idi. Yalnız Rəfizadə və Rzabalanı deyil, Səttar xan zamanında belə edama məhkum olanların əksəriyyətini Arşak şəxsən edam etmişdi. O, subay idi. Birinci kərə gözəl və gənc bir erməni qızıyla evlənmək istəmişdi, qız Xoy şəhəri ermənilərindən idi. Toylarına bir həftə qalmış qardaşının əlindəki tüfəng açılıb qızın köksünü deşmiş və öldürmüşdü. Arşak qızın meyidini qucağına götürüb öpmüş və: eMənim də ailə həyatım səninlə bərabər öldülə – demiş və o zamandan bəri evlənməmişdi. O, bir kərə Culfadan silahları Təbrizə gətirmək üçün Ninayla yalandan evlənmişdi. Son zamanlar onun qazandığı pullar yetimlərə sərf olunurdı. Onun iyirmi nəfər yetim uşağı var idi: doqquzu qız, on biri oğlan idi. Gözəl yetimxana düzəltmişdi. Onları tərbiyə etdirir və öz bildiyi sənətləri onlara öyrədirdi. Mən bir çox zamanlar onun yetimxanasına tamaşa etmək üçün Arşakın evinə gedirdim. Axşam idi, qaranlıq düşürdü, faytona oturub Arşakın evinə gəldim. Arşak yetimxanada idi, xidmətçi qoca qadın məni görən kimi: – Buyurun! Buyurun! - dedi. – Arşak uşaqlarla bərabər şam yeməyinə məşğuldur. Buyurun içəri! Mən soyunub, paltomu və papağımı Arşakın otağında qoyub, yetimxananın yemək otağına girdim, salam verdim. Uşaqların heç biri ayağa qalxmadı, çünki xörək yedikləri zaman ayağa qalxmamaları tapşırılmışdı, lakin onlar €Xoş gəldinizlə – deyə məni qarşıladılar. Arşak süfrənin yuxarı tərəfində oturmuşdu, yetimlər isə ətrafda oturub yemək yeyirdilər. Qızlarla oğlanlar qarışıq oturmuşdular. Mən Arşakın yanında əyləşdim, dərhal mənim üçün də yemək gətirdilər. Mən yetimlərə nə cür xörək verilməsi ilə maraqlandığım üçün xörəkdən yeməyə başladım. Xörəklər kişmişlə bişirilmiş ətsiz plov, baldan və düyü unundan hazırlanmış halva və firnidən ibarət idi. Arşak: – Axşamlar yüngül xörəklər veririk, – dedi. Xörəklər olduqca lətif və ləzzətli idi. Yeməkdən sonra hər birisinə bir stəkan çay gətirdilər, çaydan sonra uşaqlar süfrədən qalxıb sıra ilə düzüldülər və bir səslə: – Sağ ol, mehriban ata! – deyərək öz otaqlarına getdilər. Qızların və oğlanların yataq otaqları ayrı idi. Arşak onların dalınca bir az baxdıqdan sonra şad bir surətdə mənə dönərək: – Doğrusunu söyləyin, nə kimi bir qadın tapa bilərdim ki, mənim üçün iyirmi nəfər övlad doğa bilsin? – dedi. – Bunlar hansı millətin uşaqlarıdır? – deyə soruşduqda Arşak gülərək: – Bütün İranda yalnız bu iyirmi nəfər yetim, millət nə olduğunu bilmir, - dedi. Mən yenə də sual verdim? – Hansı millətdəndirlər? – 7 nəfəri azərbaycanlı – müsəlman, 6 nəfəri erməni, 1 nəfəri yəhudi, 2 nəfəri asori, 1 nəfəri rus, 1 nəfəri də kimliyi bəlli olmayan uşaqdır. Arşak onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. Onlar üçün açdığı emalatxananı da mənə nişan verərək əlavə etdi: – Bunların hamısını sənətkar edəcəyəm... Qızları ərə verib, oğlanları da evləndirəcəyəm. Uşaqlar yatdılar, biz Arşakın otağına keçib söhbətə başladıq. Arşak birinci söhbətində mənim son Culfa səfərimin «qazancları» haqqında danışıb dedi: – Bu gün axşam saat 7-də sizin Culfadan gətirib Temuryanın evində yerləşdirdiyiniz müsafirdən belə bir məktub aldım: “Cənab Arşak, sizdən çox rica edirəm ki, bizə hər kəsdən artıq məhəbbət göstərən Əbülhəsənbəyin ünvanını məlum edəsiniz. Biz, necə siz cənaba, eləcə də ona şəxsən təşəkkür etmək istəyirik. Bundan sonra sizə artıq zəhmət vermək istəməyəcəyik, çünki ərim gəlmişdir. Çox rica edirik ki, bizim bu sifarişimizi Əbülhəsənbəyə yetirəsiniz. Yelena Berezovskaya) Bu məktub məni şübhələndirdi. «Bu qadın Berezovskidən ayrılmışdı, o bunları atıb getmişdi, – dedim. – İndi onun Təbrizə gəlməsi və öz ailəsinə qovuşmağının mənası nədir? Hər halda onun Təbrizə gəlməsi və öz ailəsi ilə birləşməsində mühüm bir sirr gizlənməmiş deyildimə. Fayton getmişdi, o məni aparmaq üçün gecə saat 1-də gəlməli idi. Buna görə də Arşaka tapşırdım: – Hərgah fayton bura gələrsə, dayanıb məni gözləməsini tapşırarsan, mən bu saat Temuryanın evinə gedib Yelenanı görmək istəyirəm. Onun əri Berezovski ilə də tanış olmaq istəyirəm. Qalxıb paltomu geyindim. Gecə olduqca ayaz və şaxtalı idi. Ay Uçan dağları ilə Savalan və Səhənd dağları ətrafında dolaşıb, sirlərlə dolu olan Təbriz gecəsinin qara qəlbinə işıq salmaq və ondan bir şey öyrənməyə çalışırdı. Artıq aydan və ulduzlardan şəfəq alan bu gecədə mən hər tərəfə baxırdımsa, brilyantlara bürünmüş bir kainat görürdüm. Ulduzların şəffaf çöhrəsini buz tutmuş suların güzgüsündə gördükcə, qış gecəsinin bu tamaşasına cəzb olub baxırdım. Qabaqda bir faytonun durduğunu görüb söyüd ağacının dalısına çəkildim. Fayton Berezovskinin ailəsi yaşayan qapıda durmuşdu. Soyuğun şiddətinə baxmayaraq, burada yarım saatdan artıq durdum, nəhayət, Temuryanın qapısı açıldı, iki nəfərin dışarı çıxdığını gördüm. Onların ikisi də faytona yanaşdı. Ay işığı idi, onları lazımi qədər görə bilirdim. Onlardan biri ikincisinin qolundan tutub faytona qaldırdı və faytonda oturan onunla vidalaşdığı zaman: sDo svidaniyeə dedikdə, onun rus olmadığını yəqin etdim. Bu adam erməni və müsəlman da deyildi, onun ingilis olduğunu zənn etdim. Fayton yanımdan keçərkən ona bir daha baxdım, lakin paltosunun yaxasını qaldırdığı üçün üzünü görə bilmədim, mənə elə gəlirdi ki, başındakı şlyapa idi. Fayton keçib getdikdən sonra on beş dəqiqə də düşündüm. Berezovskinin evinə girib-girməmək barəsində düşünürdüm, nəhayət, öz-özümə: «Gizlənmək yaramaz, – dedim, – içəri girmək və tanış olmaq, məqsədə yol aramaq lazımdır). İrəliləyib çaxçaxı vurdum, bir neçə dəqiqədən sonra qapının dalından bir səs gəldi: – Qapını döyən kimdir? Bu, Ksenyanın səsi idi. – Sizin müsafir yoldaşınızdırl – dedikdə o, sevinərək qapını açdı, əllərimi tutub sıxdı və yavaşdan: – Atam gəlmişdir. Anam onunla barışmışdır, mənsə barışmamışam, sonra danışarıq. Sizə məktub göndərəcəkdim, atama inanmayın. Qız məndən əvvəl qayıdıb evə xəbər verdi, mən uzun həyətin xıyabanilə gedib, balkona çıxıncaya qədər ailənin hamısı balkona çıxıb məni qarşıladı. Əvvəlcə Berezovskinin özü əlimi sıxaraq rusca: – Arzusunu çəkdiyim bir şəxsiyyəti görməkdən nə qədər şad oldum, - dedi. Bir qolumdan arvadı Yelena, o biri qolumdan da özü tutub məni apardılar. Birlikdə dəhlizə, oradan da otağa daxil olduq. Mən bir daha Yelena, Ksenya və Silvanın əlini sıxdım və keflərini xəbər aldım. Berezovskinin özü isə şadlığından nə edəcəyini bilmirdi. Doğrudan da, onda özümə qarşı inkaredilməz bir məhəbbət hiss edirdim. Oturduq. Berezovski sözə başladı: – Doğrudur, mənim o qədər elmim yoxdur. Mən zabitliyə bir adi soldat ikən nail olmuşam, lakin mən imperatordan özümə nisbətən bu böyük mərhəməti görürkən zabitlik adını doğrultmağa və bu adı daşımaq səlahiyyətini əldə etməyə çalışmışam. Buna görə də Rusiya imperiyası daxilində yaşayan xalqları lazımi qədər oxuyub öyrənmişəm. Şərqi çox gözəl bilirəm, onların adət və ənənələrini bir şərqli qədər bilirəm. Onların səxavət və mərdanəliyi məni çoxdan bəri özlərinin məddahı etmişdir. Lakin mən Şərqdə birinci olaraq sizin kimi adamlara təsadüf edirəm. Mən Təbrizə gələn gündən ailəm sizin alicənablığınız haqqında mənə danışdı. Onların siz cənabın hesabına yaşadıqlarını, hətta osmanlı kürdlərinin Təbrizə gəldikləri zaman da ailəmin sizin tərəfinizdən müdafiə olunmasını eşidərkən o qədər də təəccüb etmədim, çünki sizə məlum olduğu üzrə mənim ailəm zahiri görünüşündə olduqca gözəldir. Şübhə yoxdur ki, bu cür ailəyə qohum olmaq məqsədi ilə Şərqdə bir çoxları öz sərvətini əsirgəməz. Lakin xanımım və qızım sizi mənə tamamilə nümunəvi bir insan kimi tanıtdılar, özüm də Təbrizə gələn gündən buna inandım. Sizin bu qədər səmimi iltifatınıza qarşı təşəkkür etməklə bərabər, bunu da deməliyəm ki, ailəmə sərf etdiyiniz paraları borc vermiş olsaydınız, onları artıqlığı ilə verməyə qüdrətim var idi, yaxud zəngin bir adam olmasaydınız, sizə əlimdən gələn qədər maddi yardım göstərərdim. Qısaca deməliyəm ki, sizə də, ailəmə öz bacıları kimi pərəstarlıq edən yoldaşınıza da borcluyam. Berezovski sözünü bitirmişdi ki, Ksenya, mən cavab verməzdən əvvəl sözə başlayaraq dedi: – Mən anamı qarşılamaq üçün Culfaya getməyə hazırlaşdığım zaman dünyada özümdən də bəxtsiz bir qız bilmirdim, lakin cənab Əbülhəsənbəylə birinci kərə söhbət etdiyim zaman onun şirin söhbətləri bütün bədbəxtliklərimi unutdurdu. Berezovski qızına cavab olaraq: – Hərgah cənab indiyə qədər kişisiz evə gəlməkdə özünə qarşı şübhə qazandırmaqdan çəkinmişsə də, bundan sonra bizim qapımız onun üzünə açıqdır. Daim söhbət edin, gəzməyə və əyləncələrə birlikdə gedin. Qoy sənin xoşbəxtliyin özünə qayıdana qədər, ağanın müsahibəti sənin bəxbəxtliklərini unutdursun, – dedi. Berezovskinin arvadı da danışdı, Silva da evlərinə tez-tez gəlməyimi arzu etdi, sonra danışmaq növbəti mənə yetişdikdə o, əllərini dizi üstünə qoyub gözlərini ağzıma dikdi. – İnsanların təbiəti müxtəlifdir, – dedim. – Onlardan bir çoxu sərvəti sevir, gözəlliyə səcdə edir, ad və şöhrəti sevir, bəziləri də çətinlik qarşısında qalan bir qəlbi sevindirməklə şadlanır. Mən də daima vicdanımın tələblərinə cavab vermək üçün çətinlik qarşısında qalanları axtarıram, onları çətinlikdən qurtarmağa çalışıram, elələrini şad gördüyüm zaman nəşələnirəm, vicdani zövq alıram. Xüsusən qadınları öz vicdanı əleyhinə bir hərəkətə məcbur edən iqtisadi ehtiyaclarla mübarizə etməyi sevirəm. Bunun üçün heç bir kəsdən mərhəmət gözləmirəm. Yeganə bir ehtiyac və arzum varsa, o da tutduğum bu yolu davam etdirmək üçün imkan əldə etməkdən ibarətdir. Berezovski: – Sizi anlayıram! Mənim də arzum sizə layiqli bir yaxşılıq etməkdən ibarətdir, – dedi. Gecəni keçirdik, vidalaşıb çıxdığım zaman evlərinə tez-tez gedib-gəlməyimi təkrar olaraq xahiş etdilər. Yenə də Ksenya məni qapıya qədər yola saldı və qapıda yavaşdan: – Sabah saat 12-də, Şəmsülimarə qapısında məni gözləyin, – dedi. Mən çıxıb Arşakın evinə gəldim, çünki fayton məni orada gözləyəcəkdi. Berezovskinin evindən naməlum adamın çıxdığını və sairələri Arşaka söhbət etdikdən sonra Berezovskinin evinin nəzarət altına alınmasını tapşırdım. * * * Şeyx Əbdüləzəl Müəyyəd Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar. 15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi. Azərbaycanda din və mövhumat əsasında düzələn macəraların bir neçə kərə müvəffəqiyyətsizliyə uğradığına baxmayaraq, rus və ingilis konsulxanaları yenə də bu silahı yerə qoymaq istəmirdilər. İngilislər Afrikada və sair islam ölkələrində işlətmiş olduğu «Mehdinin zühuruə silahını bu dəfə təbrizlilərin başında sınamağa qəsd etmişdilər. Təbrizdə imamın zühur etməsi xəbərləri tədrici yox, birdən-birə şəhərə yayıldı. Mövhumatçıların ağzından eşidilən xəbərlərdə imamın Samiriyyədə göründüyü və indi bu saat Təbrizdə zühur edəcəyi söylənirdi. Camaat bütün vaxtını Sahibüləmr məscidinin həyətində və dəhlizlərində keçirirdi. «İmamla murdar halda görüşmək günahdırlb deyən camaatın əsas işi dəstəmaz almaq və hamamlarda qüsl etməkdən ibarət olmuşdu. Məscid həyətlərində, məqbərələrdə və sairələrdəki camaata qaraçı qızları və sairələr də qoşulmuşdu. Şəhər əhalisi əlini işdən çəkmişdi, bütün camaat dəstə-dəstə Talibiyyə mədrəsəsi həyətinə və Qırxsütunlu məscidə tələsirdi. Əvvəlcə gecələri küçələrdə dəstələr düzəldib: €Ya Sahibəzzəman, bəzühurət şitab günlə deyə qışqıran avamlar, indi gündüzləri də küçələrdə sinəsinə vura-vura dolaşırdı. Məsciddə iynə atmağa yer yox idi. Heç kəs bura nə üçün yığıldığını bilmirdi: İmam buradamı zühur edəcəkdir, yaxud burada imam zühur etdiyinə dair xəbərmi veriləcəkdir?ə Ancaq hər nə olursa-olsun məsciddəkil €Ya Sahibəzzəmanlə səsləri davam edirdi. Məscid bu səslərlə titrədiyi zaman, minbərin yanından heç kəsin tanımadığı bir adam ayağa qalxdı və üzünü məsciddəki camaata tutub farsca danışmağa başladı: – Təbriz camaatı! Mən Samiriyyə şəhərindən sizə ümdətilmüctəhideyi Şeyx Əbdüləzəl Müəyyədin salamını gətirmişəm!.. – Məscid bir daha titrədi, salavat gurultusu qalxdı, naməlum adam yarım saata qədər durub baxdı, nəhayət, qismən sakitlik oldu, naməlum adam sözünə davam etdi: – Şeyx Əbdüləzəl Müəyyəd Əhsa şəhərindəndir. Müctəhid cənabları Şeyx Əhməd Bəhreynin nəvəsidir!. Cənab şeyx İmam Əliyyənnəği və İmam Həsən Əsğəri Əleyhüssəlamların türbəsində 30 ildən bu yana mösəkifdir. Cənab şeyx cümə günü sübh namazına təşrif buyurduqları zaman həzrətin rozeyimütəhhərəsinin güldəstəsindən ləmeyi-nur təlalö edib və bədəzon hamin nur Şeyx Əbdüləzəl Müəyyəd cənablarının yanında yerə nüzul etmişdir. Şeyx həzrətləri bu hadisədən sərasimə olub gözlərini yumubdur və bədəzon şeyx gözlərini açıb heç bir şey görə bilməmişdir. Şeyx heyran qalmış, nəhayət, uzaqdan bir səs eşitmişdir. Şeyxin buyurduğuna görə, həmin səs bundan ibarət imiş: – €Ya Şeyxlə Bu saatdan etibarən sənə cMüəyyənə ləqəbi verdim, mənim köməyim hər zaman sənin üstündə olacaqdır. Mənim şiələrimin gözlədikləri imam mənəm - Mehdi Sahibəzzəman. Mənəm, yer üzünün sahibi! Mənəm, Cəfəri-Sadiq məzhəbinin hamisi, mənəm, dəryalarca günahları bağışlatdıran. Get mənim şiələrimə xəbər ver, qoy onlar beş günlük dünyanın murdar cifəsindən əl çəksinlər! Xəbər ver ki, onlar çıxarsınlar öz başlarından fasid xəyalatı. Qoy onlar doldursunlar öz başlarını İmami-zamanın zühur xəbərləri iləl Qoy mənim şiələrim öz nicatverici imamları ilə görüşə hazırlaşsınlarl Bir neçə gündən sonra Allahın əmri ilə bu dünyanın şəklini dəyişəcəyəm. Açacağam şiələrin üzünə Cabulğa və Cabulsa şəhərlərinin nurani qapılarını. Şiələr məni yaxın günlərdə ziyarət edəcəklər. Get küfr tutan Təbriz camaatına xəbər ver ki, tezliklə öz məscidimdə nəmazi-camaatı ədə buyuracağam. Dünya fikrində olanlar, siyasət dalınca gedənlər, dinini, şəriətini tərk edib üləma hüzurundan uzaqlaşanlar, mənim əlimi öpməkdən məhrum olacaqlar. Az qaldı mələk və müqəddəslər dünyasının başlanmasınalb. Naməlum adam bu sözləri deyib bitirdikdən sonra məsciddə geniş və dərin bir həyəcan başlandı. Xalqdan cürbəcür səslər eşidilirdi. Ağlayan, başına vuran, bihuş yıxılan, həyəcanından o tərəf-bu tərəfə qaçanların həddi-hesabı yox idi. Lakin tacirlər, dövlətli mülkədarlar çox sakit bir surətdə durub bu hadisəyə tamaşa edirdilər. Hər bir halda, onlar bu hadisəyə inanmayan bir nəzərlə baxır və bəzən bir-biri ilə pıçıldaşırdılar, çünki onlar belə hadisələri birinci kərə yox, ömürlərində bir neçə kərə görmüşdülər. Onlar yenə də belə macəranın siyasi bir məqsədlə atıldığını yəqin edərək nəticəni gözləyirdilər. Lakin aşağı təbəqə naməlum adamı ortaya alıb, ona cürbəcür suallar verirdi: İ Şiələrin fikrincə, Cabulğa və Cabulsa adlı iki müqəddəs şəhər vardır ki, onlar gözə görünmür. Guya İmam Mehdinin zühurundan sonra bu şəhərlərin qapıları xalqın üzünə açılacaqdır. Bu şəhərlərdə alış-veriş olmayacaq, hər şey salavata veriləcəkdir. – Buyurun görək, siz şeyx həzrətlərinin mübarək üzünü görübsünüzmü? – Bəs, şeyx cənabları nə zaman biz günahkar bəndələrin gözünə görünəcəkdir? – Biz bəs nə zaman imami-zamanı görən gözlərə baxa biləcəyik? Bu cür sualların həddi-hesabı yox idi. Lakin naməlum adam da öz növbəsində xalqın cavabını verib deyirdi: – Şeyx həzrətləri buyurdu ki: €Tezliklə Qaiməl-Məhəmməd zühur edəcəkdir, o zaman mən də gəlib Təbriz camaatına nicat müfdəsini verəcəyəmə. Şeyxin gecə-gündüz təam yeməyə macalı yoxdur. Dünyanın hər tərəfindən tökülüb şeyxin ziyarətinə gələnlər vardır. Əlli dörd padşahın nümayəndəsi Samiriyyə şəhərinə gəlibdir, İrandan, Turandan, Hindistandan, Ərəbistandan, Zəngübardan, Sudandan, Misirdən, Həbəşistandan nümayəndələr gəlibdir. Yetmiş iki millət şeyx həzrətlərinin hüzuruna öz nümayəndələrini göndərib nicat tapmaq üçün islama müşərrəf olmaq istəyirlər. Lakin şeyx həzrətləri imami-zamanın ikinci əmrini gözləyir. Yaxın günlərdə bütün yer üzü imami-zamanın bayrağı altında cəm olacaq, cLailahəilləl- 1ahpə səsi bütün ərzdən eşidiləcəkdir. Təbrizdə bir aşura izdihamını görmək mümkün idi. Küçələrdə dəstələr gəzir, yenə də mərsiyə şairlərinin təzə əsərlərini eşitimək olurdu. Onlar Şeyx Əbdüləzələ şeir və qəsidələr ithaf eləmişdilər. – Mən gündüz saat 12-də evdən çıxıb, Berezovskinin qızı Ksenyanın tapşırığına görə cəbbəxana və yaxud Şəmsülimara binasının qapısına getməli idim. Mən küçələrdə dəstələri yarıb getmək məcburiyyətində idim. Dərvişin təzə qəsidəsi məni çox maraqlandırdı, az bir zaman içərisində Şeyx Əbdüləzələ həsr olunmuş bu qəsidəni dərviş çox böyük bir maraqla əzbərləmişdi. Hatifi-qeyb nəvisəd səd qəzəl, Naciyü islam şüd Şeyxül-Əzəl!. Dərvişdən bir az dalda gələn dəstənin qabağında da: «İmdada gəl bizə, ya Sahibəzzəmanl Rəhm eylə Təbrizə, ya Sahibəzzəmanlb? – deyə sinəzən oxuyanlar gedirdi. Dəstələrin birisində bizim Məşədi Kazım ağını da gördüm. O məni görürkən boynunu çiyninə tərəf İ Qeybin dili yüzlərcə qəzəl yazıb deyir ki, Şeyxül-Əzəl islamın nicat verənidir. əyib, «əlacım nədir?ə işarəsini verib keçdi. Çox təəccüblü işlərdən birisi də, çoxlu bayraqların birdən-birə aralığa çıxması idi. «İmamizaman? yazılı minlərlə bayraq aralığa tökülüb satılırdı. Bunların ingilis və rus konsulxanalarının təşəbbüsü ilə düzəldiyi şübhəsiz idi. Lakin onlar bu hərəkəti olduqca mütəşəkkil aparmaqda səhv etmişdilər, çünki hərəkətə səthi bir nəzər salanda belə, bunun başıpozuq xalq tərəfindən yox, mütəşəkkil və müntəzəm əllər tərəfindən düzəldiyi məlum olurdu. Şübhəsiz ki, bu təşəbbüslər vaxtilə hazırlanmışdı. Dərvişi və dilənçilərin sözlərində və dualarında da bu günün mövzusunu eşitmək mümkün idi. Qapıların və dükanların başına da €Ya Sahibəzzəmanlə yazılı bayraqlar vurulmuşdu. Təbrizdə camaat Sahibüləmr məscidinə gedirdi. Məsciddə iynə atmağa yer yox idi. Sahibüləmr meydanına minlərlə adam yığılmışdı. Hər küçə öz sinəzən və mərsiyə dəstəsi ilə meydançaya gəlmişdi, buna görə də mərsiyə və sinəzən səsləri hər tərəfdən eşidilirdi. Növhəxanların və mərsiyəxanların bazarı qızışmışdı. Uşaqların gətirdiyi xəbərlərə görə, çar və ingilis konsulxanalarının qabağında da €Ya Sahibəzzəmanlb yazılı bayraqlar asılaraq, yanında silahlı qarovul qoyulmuşdu. Sahibüləmr məscidinə yığılanlar Samiriyyə şəhərinə teleqram göndərməyi, Şeyxül Əzəl Müəyyədin Təbrizə gəlməsini xahiş etməyi qərara almışdılar. Dəstələr bu kimi qərarları çıxardıqdan sonra məsciddən çıxıb küçələri gəzməyə başlamışdılar. Onlar ingilis və rus konsulxanalarının qabağına gəldikdə konsullar küçəyə çıxıb, camaatı imamın zühuru münasibəti ilə təbrik eləmişlərdi. * * * Arşak Surenyans Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu. Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu. Mən onun yanına gəldikdə o, nazik əllərini əlcəkdən çıxarıb əlimi sıxdı. Mən onun danışmağına imkan verməyərək üzr istədim. – Xanımın özü vəziyyəti gördü, indi elə bir zaman deyil ki, insan asılı olmamağı bacarsın, küçələrdəki izdihamı görürsünüz. Dəstələri yarıb keçmək mümkün deyil. Yubanmışam, sizə əziyyət vermişəm, gərək məni bağışlayasınız. Ksenya donmuş və titrək dodaqlarını açaraq: – Siz nə söyləyirsiniz? – dedi. – Mən əminəm ki, sizdə insanı acıqlandırmaq və insanın narazılığına səbəb olmaq üçün heç bir xüsusiyyət yoxdur. Siz xalqın məhəbbətini qazanmaq, xüsusən qızların ruhuna uyğun söhbətlər etmək və sizinlə danışanların kədərlərini unutdurmaq üçün yaranmışsınız. Sizi sevməyən, sizə hörmət bəsləməyən ürəklər insan köksündə olsa da, insan ürəyi deyildir. Lakin mən bugünkü görüşdə sizə əziyyət verməyə və bu soyuq havada sizi saxlamağa məcburam, gərək bunun üçün siz məni bağışlayasınız. Qız bunları deyərək yalvarıcı bir surətdə gözlərimə baxırdı, mən elə zənn edirdim ki, qız yenə də öz şəxsi işi üçün gəlmişdir. Bu fikirlə də: – Hər cür xidmətiniz olursa hazıram! – dedim. – Nə qədər soyuq olursa-olsun sizinlə bərabər olmaq mənə hər şeyi unutdurur. Mən danışdıqca qız da xəfif surətdə gülürdü. Yəqin ki, o da mənim onu lazımi qədər anlamadığımı hiss edərək gülməyə başlamışdı. Lakin küçədə gəzişib azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu. Qız yenə də gülümsünərək: – Mənim haram var ki, orada görüş təyin edə bilim? – dedi. – Elə bir yeri mən özüm təyin etmiş olursam siz etiraz etməzsiniz ki? – Siz öz nöqsanınızı məndəmi görmək istəyirsiniz? Mən Culfada sizinlə birlikdə vaxtımı keçirmək istərkən siz ondan boyun qaçırmadınızmı? Mən sizin təmiz vicdanınıza inanıram. Ona da əminəm ki, siz mənim bu inamımı doğruldacaq qədər namuslu və möhtərəm bir adamsınız. İndi buyurun!.. – Mən də sizin bu inamınızı doğrultmağa söz verirəm. Siz ona inanın ki, mənimlə tanış olanlar və məndən ayrılanların hamısı unudulmaz bir xatirə ilə ayrılmış və mənə qarşı unudulmaz bir məhəbbətlə yaşamışdır. Hərgah xanım qız icazə verərsə, biz daim Arşak Surenyans cənablarının evində görüşərik. Qız təəccüblə soruşdu: – Hansı Arşak? Bizə pərəstar olan Arşakmı? – Bəli, həmin Arşakdır. Mən onun namuslu bir zat olduğuna inanıram, zəngin və sevimli bir təbiətə malikdir. – Heç də etirazım yoxdur. – Elə isə bir az dayanın, mən fayton çağırım, soyuğun qabağında durmağın mənası yoxdur. Mən qızdan bir az aralanıb cəbbəxana ağzına gəldim, orada faytonlardan birisini gətirib qızı əyləşdirdim. O, əlcəklərini çıxardı və nazik əllərini mənim əlimə verərək: – Bax bu əllərim nə qədər üşümüşdür? - dedi, – lakin sizin intizarınızda olduğum zaman bunların heç birisini xatırlamırdım, çünki insan isti və soyuğu düşüncəsi və ürəyi ilə hiss edir, lakin mənim düşüncəm də, ürəyim də sizin yanınızda idi. Buna görə də özümü hiss etmirdim. İndi isə siz gəldiniz, mənim də varlığım özümə qayıtdığı üçün üşüdüyümü hiss edirəm. Mən bir söz danışmırdım, çünki qızın nə kimi bir məsələdən ötrü məni çağırdığını bilmirdim, çünki mənim onun sözlərinə verəcəyim cavab özünün mənə demək istədiyi sözlərinə də mane ola bilərdi. Soyuqdan qorunmaq üçün o mənim böyrümə qısılmışdı. Onun bütün baxışı və hərəkəti məndən mehribanlıq tələb edirdi. Lakin onun bu tələbinə cavab vermək olmazdı, çünki bu cavab bizim gözəl qızla gələcəkdəki uzun-uzadı sevgi macəramızın zəminəsi ola bilərdi. Buna görə də mən söhbətin mövzusunu dəyişib ondan soruşdum: – İndi xanım qız buyursun görək öz sevgilisi və gələcəkdə ailə düzəltmək istədiyi ərlə olan ixtilafı həll olundumu? – Siz qadın heysiyyətini təhqir etməyidəmi bacarırsınız? Bir də mən onunla uyuşa bilərəmmi? O məni təhqir etməmişdirmi? – Sevginin xüsusiyyətlərindən birisi də odur ki, insana təhqirləri unutdurur, insanı hər bir acılıqla barışmağa öyrədir. Bu sözlərim qızın qəlbinin tellərinə toxundu, üzümə tərs-tərs baxaraq: – Fəlsəfəni təhrif etməyin! – dedi. – Sevgi təhqirləri insana unutdurmur. Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir, çünki təhqiri insana hiss etdirən bir şey varsa, o da şərəfdir. Mən o qədər də şərəfsiz deyiləm ki, məhəbbətimi əxlaqsız bir qadına verən adamla barışa biləm. – Ən səmimi sevgililər belə səhv edə bilər. Səhvlər nəticəsində ayrılmaq lazım gəlirsə, o zaman dünyada bir-birindən küsüb ayrılmayan insan tapa bilməzsiniz. Ailə həyatı məncə, birdən-birə səmimi olaraq qurulmur, ailə quran iki adamın, yəni kişi və qadının qəlbləri bir-birinə uyğunlaşdıqdan, hərgah təbiri caizsə, iki qəlb bir-birinə aşılandıqdan sonra ailə həyatı doğru və həqiqi yolunu tapmış olur. İndi xanım qız mənə söyləsin görüm, o mənim bayaqdan bəri saydığım mərhələləri keçmişdirmi? Qız gülərək başını çiynimə qoydu və dərin bir ah çəkərək: – Sizin saydığınız bu mərhələləri keçmək üçün bütün gənclik zamanlarını çəkişmələrdə sərf etmək lazım gəlmirmi? – dedikdə mən soruşdum: – Bəs sizin fikriniz nədir? Siz ailə quruluşunu yeni bir bina hesab edərək birdən-birə içinə keçməkmi istəyirsiniz? «Ailə qurmaq? sözü nə deməkdir? Ailə mahir bir sənətkar tərəfindən düzəldilmiş sandıq deyil ki, alıb istifadə etmək olsun. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. Onlar elə adamlardır ki, xasiyyətcə, şəkilcə, zövq və maraq cəhətincə də bir-birlərinə oxşamırlar. Onların uyuşması üçün, onlarin ümumi bir ailə dili tapması üçün istinad edə biləcəyi yeganə bir vasitə varsa, o da sevgiləridir. Bunun üçün onlar nə cür hərəkət edirlərsə etsinlər, lakin həmin sevginin ləkələnməməsinə çalışmalı, bu istinadgahın laxlamasına imkan verməməlidirlər. Yenə də mən əsas məqsədimə qayıdaraq xanım qıza demək istəyirəm ki, ailə həyatı kiçik səhvlərlə pozulmamalıdır. Gənclikdə səhv olacaqdır. Gənclik şüurlu, həm də dəlidir. Onu təşkil etmək üçün kiçik səhvləri böyük bir maneə kimi qəbul etməməlidir. Gənclik özü ilə bərabər beşikdən və uşaqlıqdan gəncliyə gətirdiyi irsləri özündən təmizləyənə qədər bir çox səhv buraxmağa məcburdur. Mənim özüm də o səhvlərdən buraxmışam, mən də uşaqlıqdan gətirdiyim miraslarla özümdən bir çoxlarını incitmişəm, bir çox işlərdə uşaqlığa layiq hərəkətlər etmişəm. Sizin ailə qurmaq istədiyiniz gənc zabit də belədir, o da özü ilə bərabər uşaqlıq dünyasından gətirdiyi bir mirasın nəticəsi olaraq səhv buraxmışdır. Qız qalxıb özünü düzəltdi və əlini əlimdən çəkərək: – Belədir, belədir! – dedi. Mənim böyük və nəcib dostum, belədir! Ailə həyatı çəkişmələr, ixtilaflar, acılar içərisindən süzülüb çıxır, buna şübhəm yoxdur. Lakin bu qədər çəkişmələr nəticəsində doğru və həqiqi bir ailə quranlar öz zəhmətinin məhsulundan istifadə elə bilmir, artıq onlar bu ağır təşkilatı qurmaq işində yorulur və acizləşir, bəs o zəhmətlər nə üçün idi? – Siz sevginin səbəbini deyə bilsəniz, mən sizin bütün suallarıniza cavab verə bilərəm. Qız danışmadı, düşünməyə başladı. Mən onun sükutunu pozaraq dedim: – Sevgi, üçüncü bir adamın dünyaya atılması üçün şirin və ləzzətli bir başlanğıcdır. Ailə həyatındakı zəhmətlər, üçüncü adamı dünyaya gətirmək və onu təşkil etmək, təbiətin tələblərinə cavab vermək gələcəkdə daha bir ailənin yaradılmasından ötrü zəminə hazırlamaq üçündür, çünki insan həm özü üçün, həm də gələcək cəmiyyət üçün yaşamağa məcburdur. Arşak Surneyansın qapısında faytondan düşüb içəri girdik. * * * Arşak yetimləri ilə bərabər həyətdə hava almaq üçün gəzirdi. Ksenya, həyətdə bir libasda, bir qiyafədə gəzən qız və oğlan uşaqlarını gördüyü zaman heyrət etməyə bilməzdi, o bu heyrətlə də mənə sual verdi: – Biz hara gəlmişik? – Biz cənab Arşak Surenyansın evindəyik, uşaqlar isə onun övladlığa qəbul etdiyi yetimlərdir. Bunu dedikdən sonra qız bunlarla daha artıq maraqlandı. Uşaqlar onun ətrafına yığışıb danışdılar, nəhayət, uşaqlar öz sənət otaqlarına, biz isə Arşakın otağına keçdik. Arşak əlindən gəldiyi qədər təzə qonağı məhəbbətlə qəbul etdi, onun qoca xidmətçiləri, pərvanə şamın başına dolanan kimi Ksenyanın başına dolanırdılar. Qızın qarşısındakı stolun üstü ağlagəlməz naz-nemətlərlə doldurulmuşdu. Rus dilbəri özünə göstərilən bu təntənə nəticəsində mənə demək istədiyi sözləri sanki unutmuşdu. O, Arşakın həm özü, həm də evindəki şeylər və zənginliklərlə maraqlanırdı. O, yemək və içməyə əhəmiyyət verməyərək yalnız evlərə və evlərin divarlarındakılara, tağlara, taxçalara baxır və bizə cürbəcür suallar verirdi. Nəhayət, o, bir Anadolu kəndlisi şəklinin qarşısında durub uzun dəqiqələr tamaşa elədi, şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. Sanki qız qoca şəklinin saqqalındakı ağ tüklərdə qara bir zamanın tarixini oxuyaraq, heyrət dənizlərinə qərq olmuşdu. Şəkildəki qocanın alnındakı qırışıqların görünüşü qız üçün bir xəritə görünən dağ silsiləsinin görünüşündən daha heyrətli idi. Kişinin şəkli ilə yanyana bir də qoca qadın şəkli var idi. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi tanıdırdı. Şübhəsiz ki, rus qızını bu şəklin sahiblərinin qiyafələri daha artıq maraqlandırırdı. Qız nəzərini şəkillərdən çəkərək Arşaka müraciətlə dedi: – Bu qiyafədə adamları birinci kərə görürəm. Bunlar kimdir? Hansı bir məmləkətin əhalisi bu cür geyinir? Nədənsə qızın bu sualından sonra Arşakın vəziyyəti birdən-birə dəyişdi. Qayıdıb stolun ətrafında oturdu, kədərli adamlar kimi qutudan bir papiros götürüb yandırdı, dərin bir nəfəs vuraraq dedi: – Dünya belədir. O şəkillər mənim talesiz həyatımın qəmli bir tablosudur. O şəkillərdə mənim uşaqlıq və gəncliyimin bədbəxt və qara tarixi gözlənmişdir. Qız etiraz edərək: – Bu qədər naz-nemət, bu qədər zənginliklər içində yaşadığınız halda yenədəmi özünüzü xoşbəxt hesab etmirsiniz? – deyə soruşdu. – Dünya belədir, xanım 1 Daima zəhərlər şirinlərin dalında gizlənirl Daima insanları məhv edən bədbəxtlik bəzən insanlara xoşbəxtliyin pərdəsində yanaşmış olur. Bu gün sizin naz-nemət içində gördüyünüz Arşak hazırkı dünyanın ən bədbəxt bir adamıdır. Mənim dünyada heç bir zaman üzüm gülməmişdir, bəzən gülsəm belə, o da uğursuz həyatıma istehza gülüşlərindən ibarətdir. Arşakın bu sözləri məni titrətdi. Mən onu Təbrizə gəldiyim gündən tanıyırdım, lakin onu özü dediyi kimi bədbəxt bir adam yox, təbiətin yaxşılıqlarını mənimsəmiş olan bir gənc kimi tanıyırdım. O, hər şeydən əvvəl, öz inqilabçı əqidəsilə də zəngin və xoşbəxt idi. Mən onun saçlarının gənc ikən vaxtından əvvəl ağarması səbəblərini onun ağır günlər keçirməsində yox, nəsli bir əlamət olduğunda arayırdım. Uzun aylar cəbhələrdə birlikdə çalışdığımız bu qəhrəmanı indiyə qədər öyrənmədiyim üçün öz-özümü danladım. Təbriz inqilabının bu yorulmaz qəhrəmanı və əks-inqilabın bu inadkar düşməni indiyə qədər özünü mənə tanıtmamışdı. Buna görə mən rus qızının səsinə səs verib, Arşakdan şəkil sahibləri barəsində danışmağı rica etdim. Arşak barmağı ilə şəkilləri göstərib dedi: – Onların birisi Süleyman əfəndi, o birisi də Salihə xanımdır. Mən soruşdum: – Onlar kimdir? – Birisi mənim atam, birisi də anamdır. – Siz erməni dinini sonramı qəbul etdiniz? – Xeyr! Mənəvvəldən də erməniyəm, erməni ailəsində doğulmuşam. Atamın adı Suren, anamın adı isə Marodur. Atam Tiflis kəndlərindən idi, bir kiçik təsərrüfatı var imiş, mənim yadıma çox az gəlirlər. Qız soruşdu: – Bəs bunlar kimdir? – Mənim evimə qonaq gəldiyiniz üçün sizi kədərləndirmək istəmirəm, çünki mənim başıma gələn fəlakətləri yazmaq üçün mahir bir yazıçı lazımdır, məncə onu lazımi qədər təsvir etməyi bacarmayacağam. Qız yenə də öz sözündə inad göstərdi, Arşak isə məcbur qalıb öz keçmişini danışmağa başladı: – Mən Türkiyədə doğulmuşam, orada osmanlı hökumətinin hər cür bəhanə ilə yerli erməniləri, asoriləri və kürdləri qırdırdığı sizə məlumdur. 1890-cı ilin avqustunda, gecə bizim kəndə də belə bir basqın oldu. Qırılan qırıldı, qaçan qaçdı. O zaman mən bir yaşında idim, ata və anamı öldürdükdən və evi daşıyıb apardıqdan sonra, məni də yatağımdan yerə atıb, yorğan-döşəyimi aparmışdılar. Məni öldürməmişdilər, çünki gələcəkdə mənim daha da fəlakətli və faciəli günlərim olacaqmış... Bir gün keçəndən sonra atamın dostu və qonşu kəndli Süleyman əfəndi kəndə gəlib, ata-anamın meyidini yudurdu» basdırır və məni dağılmış evimin torpaqları üstündən götürüb gedir. Süleyman əfəndinin övladı yox idi, onun arvadı Salihə xanım məni öz uşağı kimi döşlərində yatırıb böyütdü, mən beş yaşa çatdıör zaman Süleyman əfəndi ilə arabaya oturub çölə getdikdə o mənim üzümdən öpərək: «Doğrudur, sən bizim oğlumuzsan, lakin sənin başqa atan var idi. Bu gündən etibarən sənin adını Arşak Surenyans qoyuram. Suren rəhmətlik mənim yaxşı dostum idi, sən böyüdükdən sonra həm mənim, həm də rəhmətlik Surenin çırağını yandırmalısanp deyir. Mən çox xoşbəxt yaşamağa başladım .Kənddə mənim bacarığımı, xoşbəxtliyimi hər kəs danışardı. Süleyman əfəndi və arvadı Səlihə xanım çox qocalmışdı. Təsərrüfat işlərinin hamısını əlimə almışdım . Qocalar bundan şadlanır və mən böyüdükdə daha da rahat yaşayacaqlarına inanırdılar. Lakin daşnaklar mənim xoşbəxtliyimi əlimdən aldılar. On yaşına çatmışdım. Payız idi, tezdən öküzləri arabaya qoşub taxıl dərzlərini daşımaq üçün çölə getmişdim, gecə çox gec qayıtdım. Dərzləri açıb tayaya yığdım, öküzləri açıb tövləyə apardıqda qapıları açıq görüb şübhələndim, kibrit çəkib tövlədə heç bir şey görmədim, oğru gəldiyini zənn edib tez evə qayıtdım. Süleyman əfəndi bir az ağır eşidərdi, buna görə də dəhlizdən cana, analp deyərək, Salihə xanımı səslədim, cavab gəlmədi, içəri girib kibrit çəkdim. Onların ikisini də doğramışdılar. Səhərə qədər meyitlərin yanında oturub ağladım, səhər kəndlilər gəldi, arabaya qoşduğum öküzlərdən başqa bir şey qalmamışdı, onları satdım, meyitləri basdırdıq, onlara ehsan verdim, qırx gün orada qaldım, qırx gündən sonra həmin bu iki şəkli cibimə qoyub qəbirləri üstünə gedib, səmimi və mehriban qocalarla vidalaşdım. İrana gələn karvanlara qoşulub vətənimi atdım. Bu sözlərdən sonra Arşakın gözündən bir damcı yaş düşdü, söhbətlərdən təsirlənmiş rus gözəli də ağladı və titrək bir səslə: – Yaxşı da edib oradan çıxıbsınız, – dedikdə Arşak: – Bəli, yaxşı edib çıxdım, – dedi. – Lakin fəlakətlər, bədbəxtliklər də oradan məni təqib edə-edə gəldi. Karvanla Xoy şəhərinə gəldim, bir neçə gün yersiz və işsiz dolandım, nəhayət, zərgər dükanı olan Ohanes ağanın yanında ev nökəri durdum. Bir il onun evində, bağçasında işlədim, nəhayət, o mənim qabiliyyətli uşaq olduğumu görüb dükanına şagird götürdü. Onun bir oğlu tüfəng qayıran, bir oğlu başmaqçı, üçüncü oğlu da rəssam idi. Mən bu sənətlərin üçünü də öyrəndim. Mən yaxşı sənətkar olmuşdum, onlar məni buraxmaq istəmirdilər, mən özüm də getmək istəmirdim, onlara öyrəşmişdim. Xüsusən onların tək qızları Varvara ilə sevişmişdik, bir-birimizi həddindən artıq sevirdik. Mən son zamanlar ancaq onun üçün yaşayırdım. Qıza olan sevgim sənətimə olan sevgilərimi də canlandırır və mənim şüuruma təkan verirdi. Ohanes ağa və onun arvadı bizim sevgimizi bilirdi, onlar buna mane olmadılar, biz Varvara ilə nişanlandıq. Toy hazırlığımız bitmişdi. Bir həftədən sonra biz gələcək xoşbəxt ailənin təməlini qoyacaqdıq. Günün birində Varvaranın böyük qardaşı təzə qayırdığı cMartirə tüfəngini əlləşdirdiyi zaman güllə açılıb Varvaranın ürəyinin başından dəydi. Mən tüfəng səsini eşitdikdə o biri otaqdan tələsik gəldiyim zaman bədbəxt Varvara da son nəfəsini çəkirdi, o mənim qucağımda can verdi. Son nəfəsdə gözlərini açıb baxdı və gözündən həyatın son damcılarını buraxdı, göz qapaqlarını yumdu, sanki o, bir söz demək istəyirdi, lakin bacarmadı. Mən onun nə demək istədiyini dərhal hiss etdim və dodaqlarımı qanı çəkilməkdə olan dodaqlarına qoyaraq:Varvaral Eşit, sənin ölümünlə mənim də ailə həyatım öldün – dedim. Zənn edirəm ki, Varvara bu sözlərimi eşitdi. Mən Varvaradan sonra Xoyda ancaq bir həftə qala bildim. Ohanes ağanın ailəsi məni sevgilimin qəbrindən ayırıb evə apara bilmirdi, çünki mən evə qayıdıb qızın qatilinin üzünə baxa bilmirdim. Birinci həftə bitdikdən sonra qızın qəbrinə bir dəstə gül qoydum və gecəyarısı qəbiristandan qalxıb, birbaşa Təbrizə yola düşdüm. Həmin sol tərəfdə gördüyünüz şəkil mənim Varvaramın şəklidir. Onu özüm çəkmişəm, həmin şəkil mənim son sevgimin unudulmaz abidəsidir. Mən Varvaranın şəklinə baxdığım zaman Arşaka dönərək: – Səni başa düşürəm, əziz dostum, sənin Varvaran unudulacaq Varvara deyildir, – dedim. O,başına hərəkət verərək: – Bəli, unudulacaq deyildir, indi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm, – dedi. Bir neçə dəqiqə heç kəs danışmadı, yenə də Arşak özü sükutu pozaraq: – Belədir, xanım qız, on doqquz yaşlarında saçları ağaran, iyirmi dörd yaşlarında isə qocalan Arşakın həyat tarixi bundan ibarətdir. Bundan sonra xoşbəxt və zəngin hesab etdiyiniz adamların həyat tarixini soruşmayın, çünki adam böylə söhbətləri danışdığı zaman keçirdiyi fəlakətləri bir daha yaşamış olur, – dedikdə qız: – Mən həm Əbülhəsənbəy, həm də sizinlə bəzi söhbətləri danışmaq üçün gəlmişdim, bu qəmli söhbətlərdən sonra hərgah məni eşitmək üçün vaxtınız varsa, icazə verin danışım. Mən də, Arşak da qızdan danışmasını rica etdikdən sonra, o, söhbətə başladı: – Mən yalnız öz tərəfimdən yox, anamın tərəfindən də yanınıza gəlmişəm. Atam Təbrizə bizə pərəstar olmaq üçün gəlməmişdir. Mühüm bir vəzifə üçün Qafqaz canişini tərəfindən buraya göndərilmişdir. O, tək deyil, onun bir ingilis yoldaşı da vardır. Onlar burada casus təşkilatı düzəltməyə çalışırlar. Bunun üçün də anam çox qorxur, çünki onların düzəltdiyi təşkilat yerli xalqın əleyhinədir. Heç şübhə yoxdur ki, cənab Əbülhəsənbəyin və cənab Arşakın bizimlə olan səmimi tanışlığı davam edəcəkdir. Siz bizim və biz sizin evinizə gedib-gələcəyik. Buna görə də sizdən çox rica edirəm ki, atamın yanında bəzi sözləri danışmayasınız, çünki yandarmın və xəfiyyə təşkilatı üzvlərinin dostu olmaz, onlar vəzifə üçün ən yaxın adamlarını da qurban verə bilərlər. Bir də sizdən rica edirik ki, tanımadığınız qadınlarla tanış olmayın, onları evinizə gətirməyin, çünki atamın əlində olan materiallardan görünür ki, Təbrizə bir çox casus qadınlar gətirilmişdir. Mən sizə bunları demək üçün gəlmişdim. İndi isə icazə verin mən gedim. Mən də, Arşak da qızdan razılıq etdik və qaranlıq düşəndə onun qolundan tutub evlərinə yola saldıq. Yol uzunu yenə də sevgi barəsində təzə fəlsəfələrdən deyirdi. * * * Çar kazakları mərsiyəxanlıqda Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq. Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi. Bu həyat qadınlara daha artıq təsir etmişdi. Ziyarətgahlar, qəbiristanlar üzünə ağ çəkmiş qadın dəstələri ilə dolu idi, rübəndini yavaş-yavaş atan və dünya işığını görməyə başlayan qadınlar arasında bir dönüş, irtica hiss olunurdu. Təbrizdə açıq gəzməyə başlayan bir neçə qız və məktəblilər də küçələrə açıq çıxa bilmirdi. Bazarda hər addımda mərsiyə oxunduğunu görmək olurdu. Dükanlardan bir çoxu bağlı idi. Məşədi Kazım ağanı da evdə çox az görmək olurdu. Bu hərəkatda Təbriz dübbələri daha böyük rol oynayırdı. Məscidlərdə ağlagəlməz oyun çıxarırdılar. Bunu Məşədi Kazım ağa da özü üçün məşğuliyyət tapmışdı, peşəsi Mir Müfid ağanın məscidində dübbəlik etmək idi. Çox təəccüblü burasıdır ki, Təbriz məsxərəçiləri rus kazaklarını da bu rüsvayçılığa cəlb etmişdilər. Axşam Məşədi Kazım ağa bizə gəlib: – Mənim xatirim üçün bir saatlığa zəhmət çəkib bir yer vardır, ora gedək, – dedi. Mən Təbrizdə son günlər başlayan hərəkata baxa bilmirdim, insan, doğrudan da, iyirminci əsri orta əsrlərə qaytarmaq istəyən əhaliyə baxarkən utanırdı. Biz Məşədi Kazım ağa ilə evdən çıxıb, yavaş-yavaş gəzirdik. O məni qəsdən gəzdirib, nəhayət, Məşədi Abbas Nəccarovun qapısına gətirdi. Qapıda bir çox silahsız kazak durduğunu gördüm. Məşədi Kazım ağa: – Burada imam ehsanı vardır, kazaklar növhə oxuyacaqdır, – dedikdə mən soruşdum: – Kazaklar növhə oxuyacaq?) – Bəli, dübbələr kazaklara növhə öyrədiblər. İçəridən sinəzən və növhə səsi gəlirdi. Bir də gördüm ki, birisi Məşədi Abbas Nəccarovun evindən çıxıb kazaklarla danışmağa başladı. Məşədi Kazım ağa bu adamı mənə göstərib: – Bütün oyunbazların başçısı budur, buna Mürdəşəvioğlu Qasım deyərlər, məşhur dübbədir, özü də yeddi dil bilir, kazaklara növhə oxumağı bu öyrədibdir. Biz bu söhbətdə idik, kazaklar növhəni başlayıb sinələrinə vuravura oxudular: İmam Quseyn xoroşi, Yezid bolşoy sukin sın. Pilov davay po bolşi, Yezid bolşoy sukin sın!.. Kazaklar oxuyub sinələrinə vurduqları zaman qapıda duran avam camaat: – Bax, din belə olar! Bir neçə günün içində bütün rus kazakları İslam dininə gəldi. – Haqq din, haqq-məzhəb budur! – Buna dinin qələbəsi deyərlər. Qoy kafirin gözü çıxsın! – Ağa, bunun özü də möcüzədir. İmam bəs necə olar? -— Şübhəsizdir ki, kazaklar islam dinini qəbul edibdir. – Hə dal Əlbəttə ki, edibdir. – Dinə inanmayanlara ibrət olsun! – deyirdilər. Sərdar Rəşid də öz evində imam Hüseyn təziyəsi saxlamışdı, o, hökumət idarəsinin başında cSahibəzzəmanp bayrağı vurduğu kimi, evinin qapısında da həmin bayrağı vurmuşdu. Sərdar Rəşid birinci gün bizi də təziyə məclisinə dəvət eləmişdi, məktubunda: Cənab general-konsul da bu gün həzrət Seyyidüşşühəda təziyəsində iştirak edəcəkdir? – deyə yazmışdı, buna görə biz Məşədi Kazim ağa ilə birbaşa sərdar Rəşidin evinə getdik. Biz məclisə hamıdan gec getmişdik, salon dolmuşdu, general-konsul, konsulxana mütərcimlərindən Mirzə Ələkbər xan, Mirzə Fətulla xan Babayev və sairləri də hazır idi. Təziyə məclisi bitdikdən sonra konsul və konsulxana məmurları ilə bərabər sərdar Rəşid bizi də şam yeməyinə saxladı. Konsul olduqca şad görünürdü, çünki bu təziyə bayramı onun gizli təşkilata çaldığı qələbənin bayramı hesab olunurdu, o öz xəyalında inqilab komitəsini məğlub etdiyini düşünürdü. Konsul söhbət əsnasında hazırkı hərəkata işarə edərək: – Siz onu yəqin ediniz ki, son hadisələrin göstərdiyinə görə, dininiz olduqca möhkəm və həqiqi bir dindir, – dedi. – Son vaxtlar Təbrizdə islam dininə qarşı aparılan mübarizə hansı bir dinə qarşı qoyulsaydı, məhv olub getmişdi. Məhəmməd peyğəmbər, öz möcüzəsi ilə dininin möhkəm və sarsılmaz olduğunu göstərdi. Bu din, dinsizliyi kökündən dağıtdı, az zamandan sonra bütün dünyanın islama gəldiyini görəcəksiniz. Konsulun bu sözlərini Mirzə Ələkbər xan və Mirzə Fətulla xan Babayev də təsdiq etdi, sonra da sərdar Rəşidin əmri ilə katibi bir dəstə teleqram gətirdi. Teleqramlar Azərbaycan əyalətindəki qubernatorlardan idi. Orada bütün Azərbaycan xalqı Şeyx Əbdüləzəl Müəyyədin Təbrizə çağırılmasını rica edirdi. Konsul teleqramları nəzərdən keçirdiyi zaman, Şeyx Əbdüləzəlin Azərbaycana gətirilməsi işini məsləhət görüb, teleqramlara cavab verməyi və əhalinin xahişinə əməl etməyi sərdar Rəşidə məsləhət gördü. Teleqramların altında məhəlli hakimlərin imza qoyduğuna baxmayaraq, bu teleqramları məhəlli çar konsulları tərtib etmişdi. Bu hərəkətin qarşısını almaq barəsində tədbirlər düşündüyümüz zaman bir çox həqiqətlər bizə göstərdi ki, Rusiya və İngiltərə tərəfindən təşkil olunmuş bu hərəkatı, Rusiya-İngiltərə əleyhinə olan bir hərəkat şəklinə salmaq mümkündür. Lakin biz bu tədbiri həyata keçirmək istəmirdik, çünki bunun həyata keçməsi nəticəsində Təbrizlə olan bütün əcnəbilərin qırılıb məhv olması ehtimalı var idi, buna görə də bu hərəkatı əldə etmək istədiyimiz həqiqi vəsiqələrlə ifşa etməyə hazırlaşırdıq. Söhbət əsnasında konsul Şeyx Əbdüləzəlin Təbrizə gətirilməsi işinin mütəşəkkil aparılmasını tapşıraraq: – Şeyxi Azərbaycana gətirmək üçün dini bir heyət göndərmək lazımdır, – dedi. Bu sözdən sonra sərdar Rəşid Qəsri-Şirin şəhərinə göndərilmək üçün heyət təşkil edildiyini söylədi. Təziyə məclisi qurtarandan sonra yenə də rus kazakları küçədə gedən dəstələrə qoşulub: – İmam Quseyn xoroşi... – deyərək sinələrinə vura-vura gedirdilər. * * * Şeyx Əbdüləzəlin nümayəndəsi İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi. Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı. İngilis casus təşkilatının başçısı özü ilə bərabər Cənubi İrandan Təbrizə gətirdiyi adamlardan başqa, çar konsulxanası ixtiyarında olan casusları da təşkil etmişdi, halbuki konsulxana casuslarının otuz faizi bizim ora göndərdiyimiz adamlar idi. O cür casusların hamısı gündəlik işlərinin dəsturələməlini bizdən alırdı. Bu gün onun konsulxanaya verəcəyi adamların siyahısını da biz düzəldirdik. Bununla da biz bir çox çar dostlarını, inqilabın qatı düşmənlərini inqilabçı adı ilə həbs etdirib onların Rusiyaya sürgün olunmalarına nail olmuşduq. Çar konsulu və ingilislər gizli inqilab təşkilatından o qədər qorxurdular ki, kimin gizli təşkilata mənsub olduğu xəbərini eşidirlərsə, dərhal və yoxlamadan tutub Rusiyaya sürgün etdirirdilər. Eyni zamanda ingilislərin casus təşkilatı bir nəfər də olsa inqilab təşkilatı üzvlərindən əldə edə bilmədi. Sərdar Rəşid inqilabın düşməni olduğuna baxmayaraq, bu barədəki bəzi sirləri bizə verirdi, çünki onun öz sirləri bizim əlimizdə idi. O, inqilabçılara toxuna bilmirdi. Eləcə də konsulxana mütərcimi Mirzə Ələkbər xan da bizim qorxumuzdan öz casusluq vəzifəsini ifa edə bilmirdi. Biz hər işdən əvvəl, Şeyx Əbdüləzəl Müəyyədin yanından gəlmiş naməlum adamın simasını və kimliyini aydın etmək istəyirdik. Onu təqib etmək üçün onlarca adamı qarovul qoymuşduq. Onun Hacı Mirzə Həsən müctəhidin oğlu çolaq Mirzə Məsudun evində yaşadığını və özünün Samiriyyə şəhərindən deyil, Şiraz şəhərindən gəldiyini öyrənmişdik. Lakin özünü «müsəlman ruhanisi? libasına salan bu casusun kimliyini və hansı millətə mənsub olduğunu öyrənmək mümkün deyildi. Biz Amerika konsulxanası katibi Frikson vasitəsilə də bunu öyrənə bilmirdik. Friksonun dediyinə görə, amerikalıların özləri də bu firıldaqçını öyrənməyə çalışırmış. Amerika konsulxanasının ingilis Röyter agentliyinə məxsus teleqrafxanasındakı xəbərçisi də bir iş görə bilmirdi, çünki vurulan teleqramların içərisində naməlum adama dair heç bir məlumat yox idi. Şifrəli və açıq teleqramlar bu fırıldaqçı barəsində bir xəbər vermədiyi kimi, İran teleqraf idarəsi də buna dair bir xəbər göndərmirdi. Lakin biz ümidimizi kəsməmişdik, onun üzərinə qoyduğumuz nəzarəti gücləndirmişdik, gecə səhərə kimi €Ya Sahibəzzəmanlb qışqırıb Mirzə Məsud müctəhidin qapısında duranların içərisində bizim də adamlarımız var idi. niki Gecə saat 2-də qapını vurdular, tələsik geyinib qapıya çıxdım. Həsənağa və Tütünçüoğlunu gördüm, onlar Mirzə Məsud ağanın qapısında hazırlıq görüldüyü və naməlum adamın bir tərəfə yola düşmək ehtimalı olduğunu xəbər verdilər. Mən heç düşünmədən onlara tapşırdım: – Uşaqlardan, inandığınız adamlardan bir neçəsini hazırlayın. Onlar atlanıb naməlum adamın dalınca getsinlər, onun bütün şeylərini oğurlatdırıb əldə etməmiş Təbrizə qayıtmasınlar. Həsənağa və Tütünçüoğlu heç bir söz demədən qayıdıb getdilər, onların bunu yerbəyər edəcəklərinə şübhəm yox idi. Səhər tezdən şəhərdə Şeyx Əbdüləzəl Müəyyədin qasidinin şeyxi Təbrizə gətirmək üçün Samiriyyə şəhərinə yola düşdüyü xəbəri yayılmışdı. Şübhəsizdir ki, Cənubi İrandan Tehrana və Tehrandan da ingilis casus təşkilatının tapşırığı ilə Təbrizə gələn bu fırıldaqçı, Samiriyyədə düzələn ingilis və rus xəfiyyə təşkilatları ilə də əlaqədar idi. Bu gün dini heyətin də Şeyx Əbdüləzəli Samiriyyə şəhərindən gətirmək üçün yola düşdüyünü eşitdim. Bu xəbəri hələ biz yatağımızdan qalxmadan Mahrunun yazdığı məktubdan öyrəndik. Məktubda heyətin sərdar Rəşiddən göstəriş alıb yola düşdüyü xəbər verilirdi. Bir az sonra bu xəbəri bizə, Mirzə Ələkbər xan, Amerika konsulxanası katibi Frikson və miss Hanna da verdiyi kimi, gündüz saat 3-də Nina da konsulxanadan dini heyətin yola düşdüyü barəsində sərdar Rəşidin konsulxanaya məlumat verdiyi xəbərini gətirdi. Sərdar Rəşid ingilis casus təşkilatını ifşa etdiyimizdən sonra bir çox təşəbbüslərini bizimlə razılaşdırırdı. Lakin imamın zühuruna dair fırıldağın əsas kökünü bizə göstərmirdi. Sanki bu barədəki bütün təşəbbüslər kütlələrin tələbi ilə başlamaqda idi, o bu macəranın gizli bir təşkilatla əlaqədar olmasını gizlətməyə çalışdığı üçün biz də bunu ondan xəbər almırdıq. Hər halda biz onun verdiyi məlumatları əsas tutmurduq, çünki o, hər bir məlumatı bizə verdiyi zaman, məsələnin əsas cəhətlərini gizlədər və yaxud təhrif də edə bilərdi. Çox vaxt Mirzə Ələkbər xan və Nina vasitəsi ilə konsulxanadan aldığımız məlumatlar barəsində bizə sərdar Rəşid heç bir söz demirdi, biz bunun üçün də onu təqsirləndirmirdik, çar konsulunun bəzi mühüm məsələləri sərdar Rəşiddən gizli saxlaması ehtimalı var idi. Eyni zamanda bizim özümüz də, sərdar Rəşidə çox təzyiq etmək istəmirdik, çünki konsul təzyiq edib Təbrizdə işləyən gizli əllərin aşkara çıxarılmasını ondan tələb edirdi. Buna görə də çarın sadiq nökəri son günlər çıxılmaz bir vəziyyətdə idi. * * * Naməlum adamı təqib etmək üçün gizli komitə tərəfindən göndərilən Şəfi Şabanoğlu və Əsəd Tütünçüoğlu qayıdıb Təbrizə gəldi. Onlar naməlum adamın özünü və onu müşayiət edənləri Vasminc qəsəbəsinə qədər təqib edib, onun Hacı Molla Əzizin evində mənzil etdiyini öyrənmişdilər. Naməlum adamı aparan faytonun iki atı xəstələndiyindən və Təbrizdən təzə atlar gətirmək lazım gəldiyindən naməlum adam Vasmincedə bir gecə təxir etməyə məcbur olmuşdu. Naməlum adam bütün şeylərini özünün olduğu otağa yığdığı üçün əvvəlcə onları heç bir vəchlə əldə etmək mümkün olmamışdı. Nəhayət, o, gecə saat 1-də şam etmək üçün Hacı Molla Əzizlə bərabər başqa otağa keçdiyi zaman Şəfi pəncərədən içəri girməklə naməlum adamın bütün var-yoxunu götürmüşdü. Çamadan və xurcunu Molla Əzizin evindəki ayaqyoluna atıb, şeylərini Təbrizə gətirmişdi. Şeyləri gözdən keçirdik. Naməlum adamın Mirzə Hadi Rəhnüma olduğu meydana çıxdı. İki çamadan və bir bağlıdan ibarət olan zəngin və qiymətli şeylərin içərisini nə qədər aradıqca imamın zühuruna aid fırıldağı nişan verə biləcək heç bir əsas tapa bilmədik. Paltarların astarına qədər axtardıq, onun papiros çəkdiyi müştüyü belə sındırıb içinə baxdıq, yenə də bir şey əldə edə bilmədik. Onun şeylərinin içərisində beş daş qələm, bir düfün də ağ və yuyulmamış dəsmal var idi, Mən əvvəlcə bıçaqla daş qələmin birisini başından yarıb iki böldüm, içində nazik papiros kağızı üzərində yazılmış bəzi rəqəmlər gördüm. Qələmlərin hamısını parçaladıq, hamısının da içində bu cür yazılar və rəqəmlər var idi, lakin onlardan heç bir söz anlamaq mumkün deyildi. Sonradan ağ dəsmallardan birisini odun üzərində tutduq. Dəsmalda yenə də bir sıra rəqəmlər oxunmağa başladı, bununla da biz bütün dəsmallarda rəqəmlər yazıldığını kəşf etdik. Mirzə Hadi Rəhnümanın şeyləri içərisində həddindən artıq saxta ingilis lirəsi də var idi, biz onun şeyləri ilə bərabər həmin saxta lirələri yandırdıq. Nina dəsmaldakı rəqəmləri gözdən keçirdiyi zaman, onların ingilis şifrəsi olduğunu söylədi. ek Gündüz saat 3-də Təbriz bir-birinə dəymişdi, imamın nümayəndəsinin Vasmincdə qarət olunduğu xəbəri kütlələrin arasına yayıldığı zaman yenə də onlar mövhumatdan uzaqlaşmayaraq, cürbəcür şayiələr uydururdular. – Şeyləri götürən adam həmin saat şil olub Molla Əzizin həyətində yıxılıb qalmışdır. – Xurcun çiyninə yapışıb qalıbdır. – Vasminc yolunda iki adam daş olubdur. – Oğrular üç nəfər imiş, onlardan birisi dönüb meymun, o birisi ayı, üçüncüsü də keçi olubdur. Lakin bu xəbərlərin heç birisi ingilis konsulxanası ilə çar konsulxanasını təskin edə bilmirdi. Onlar sərdar Rəşidi ciddi işə başlamağa məcbur etdilər. O, birinci növbədə Vasmincdə Mirzə Hadi Rəhnümanın qonağı Molla Əzizi həbs etdirdi, lakin bir neçə saatdan sonra ingilis və çar konsulları Molla Əzizi azad etdirməklə bərabər sərdar Rəşidi bunun üçün məzəmmət elədilər, çünki Molla Əziz məşhur çar agenti idi. Buna baxmayaraq, sərdar Rəşid tərəfindən naməlum adamın şeylərini axtarmaq üçün gedənlər çamadanları və xurcunu ayaq yolundan tapdılar. Sərdar Rəşid isə şeylərin Molla Əzizdə olduğunu təkrar edərək konsulxanalara etiraz etdi və Molla Əzizi ikinci kərə həbs etdirməyə nail oldu. Təbrizdə güman edilən bir çox yerlər axtarildi, Nəhayət, bu cinayət çarın sadiq nökəri Molla Əzizin boynunda qaldı və onun Rusiyanın hansı bir tərəfinə göndərildiyi məlum olmadı. Mən fürsəti əldən buraxmayaraq, Mirzə Hadi Rəhnümanın şeylərinin içindən çıxan vəsiqələri götürüb miss Hannanın yanına apardım. Miss Hanna məni çox şad bir surətdə qəbul etdi. Özü vəziyyətinin bərpa edilməsindən razı qaldığını söylədi. Miss Hanna Amerika konsulxanasında Friksondan başqa köhnə işçilərin qalmaması və Friksonun özünə böyük ehtiram bəsləməsini əlavə edərək, mənə minnətdar olduğunu bildirdi. Mən dəsmalları və vəsiqələri miss Hannaya göstərdiyim zaman o güldü: – Amerika konsulxanası bu şifrənin açarını əldə etmək üçün ayda ən azı min dollar sərf edir, – deyə düşüb şifrənin açarını gətirdi. Birinci dəsmal, Mirzə Hadi Rəhnümanın şəxsi vəsiqəsi idi. Bu vəsiqədən anlaşıldığına görə, Mirzə Hadi ingilis polis təşkilatının İran şöbəsi işçilərindən, mister Çarlz Vilyam idi. Miss Hanna bu casusun məharətindən danışaraq: – Mister Vilyam Laurens məktəbinin ən adlı-sanlı tələbələrindəndir. Bu adam çoxdan bəridir ki, Laurensin əli altında olaraq İran və Türkiyə məmləkətlərində çalışır, – dedi. Daş qələmin və başqa dəsmalların içərisində olan yazılar bir-birinin əlavəsi idi. Bu vəsiqələrdən anlaşıldığına görə mister Çarlz Vilyam Tehrana getməli və orada €Rasta». ilə görüşməli və təzə göstəriş alaraq İran sərhədindən Türkiyəyə keçməli idi. Mister Çarlz Vilyam Bağdadda mister Tomas ilə görüşmək üçün Təbrizdəki ingilis konsulundan göstəriş almışdı. Başqa bir vəsiqədə də Çarİz Vilyamın Təbrizdəki ingilis konsulxanasından para almadığı və «Rasta» vasitəsilə təmin ediləcəyi göstərilmişdi. Dəsmallarda olan yazıları öyrəndikdən sonra, bütün vəsiqələri miss Hannanın evində yandırdıq. Nəhayət, ingilis və çar konsulluqları, aparılan şeylərdən bir iz əldə edə bilmədiklərindən, şeylərin siyasi bir təşkilat tərəfindən yox, adi oğrular tərəfindən aparıldığını zənn edərək, sakit oldular. İnqilab komitəsi tərəfindən bu fırıldağın ifşa edilməməsi və burada gizli vərəqələr buraxılmaması da onları təskin edirdi. İngilis və rus konsullarını təskin edən məsələlərdən biri də vəsiqələrin şifrəli olması idi. Onlara elə gəlirdi ki, bu dəsmalları adi bir dəsmal kim işlədib atacaqlar. Biz bu vəsiqələri qəsdən ifşa etmirdik, çünki Şeyx Əbdüləzəl Müəyyədin Təbrizə gəlib-gəlməməsini gözləyirdik. Komitənin qərarına görə Şeyx Əbdüləzəl Müəyyədi təqib etmək üçün Türkiyə sərhədinə adamlar göndərmişdik. Hərgah Şeyx Əbdüləzəl Təbrizə gəlmək istərsə, onun şeylərinin də oğurlanması və onun da Mirzə Hadi Rəhnüma ilə bərabər bir yerdə ifşa edilməsi qərarını çıxarmışdıq. * * * Sərdar Rəşidin son günləri Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman- 1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi. Sərdar Rəşidin öz yerində qalmaq üçün Rusiya hökumətindən başqa bir istinadgahı yox idi. Buna görə də son günlər o, Rusiya hökumətinə ciddi bir xidmət göstərməyi, bununla da Təbrizdə qala bilməsi üçün zəmin hazırlamağı düşünürdü. O bu nöqteyi-nəzərdən bizi hər nə qiymətə olursa-olsun sata bilərdi. O özünün əlimizdə olan sirlərinə baxmayaraq, öz taleyini bir kərə qumara qoymağı da bacarırdı. Axşam idi, Nina da bizdə 4di. Sərdar Rəşid məni öz evinə çağırdı və gecə saat 11-də görüşmək istədiyini xəbər verdi. Lakin mən xəstə idim, gedə bilməyəcəkdim. Nina bunu ona telefonla xəbər verdi və eyni zamanda ona lazım olan təzə xəbərlər olduğunu da əlavə etdi. Nina yalnız indi deyil, bir neçə kərə İraidadan məktub gəldiyini söyləyərək, sərdar Rəşidi aldatmışdı. Bu gün yenə də Nina İraidanın dilindən sərdar Rəşidə məhəbbətli bir məktub yazıb hazırlamışdı. Bir saatdan sonra qapıda avtomobil səsi eşidildi. Sərdar Rəşid çar konsulunun ona bağışladığı maşına minib gəlmişdi. Bu dəfə o, Mahrunu da özü ilə bərabər gətirmişdi. Nina onları həyətdə qarşıladı. Birlikdə otağa daxil oldular. Mahru çarşabını götürdü, gəlib mənim əlimi sıxdı, lakin nə Mahru, nə də Nina oturmaq istəmədilər. Sərdar Rəşid isə Ninaya müraciətlə: – İndi xanım buyursun görək, nə kimi təzə xəbər vardır? – dedikdə Nina güldü və: – İraida həzrət əşrəfə məktub göndərmişdir, – dedi. – O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. Məktubun içərisində kiçik bir rəsminin də dalısını yazıb, sizə təqdim etməyimi tapşırmışdır. Sərdar Rəşid bu saxta məktubdan çox şadlandı, sevindi, çünki o bu cür məktubları tez-tez gözləyirdi. Hətta bir neçə kərə İraidaya göndərilmək üçün Ninaya məktub da yazdırıb vermişdi. Sərdar Rəşid daim olduğu kimi yenə də ah çəkərək: – Mən zənn edirəm ki, mənimlə İftixarissoltan arasındakı ailə əlaqəsi hələ qırılmamışdır. Hərgah qırılmış olsaydı, o heç bir vaxt mənə məktub göndərməzdi və öz şəklini hədiyyə etməzdi. Sərdar Rəşid bunları dedikdən sonra Ninaya iki qiymətli üzük verdi: – Bunun birisini sizə bağışlayıram, birisini də İftxarissoltana göndərərsiniz. Sabah məktub da yazaram, siz tərcümə edərsiniz. Bəlkə, İftixarissoltanın pula da ehtiyacı vardır? – dedi. Nina isə: – Çox razıyıq. Pula ehtiyacı yoxdur. Əbülhəsənbəy həmişə sizin tərəfinizdən ona salam yazır, məktub və pul da göndərir, – söylədi. Nina və Mahru xanım vidalaşıb çıxdı, sərdar Rəşid də əsas məsələ üzərinə keçərək danışdı: – Cənab sərkar özü günlərin nə qədər məsuliyyətli günlər olduğunu bilməmiş deyildir, – dedi. – Doğrudur, həzrət əşrəf bu barədə tamamilə haqlıdır, – dedim. Sərdar Rəşid əlindəki kibrit çöpü ilə külqabını qurdalayaraq, çox soyuqqanlı bir surətdə danışmağa və Təbrizdə baş verən hadisələri bir-bir saymağa başladı: – Cənab sərkarın təşəbbüsü ilə görülən işlərin hamısı mənim mövqeyimə təsir edir. Mərsiyə məclislərinin pozulması, Sahibüləmr məscidində, Seyid İbrahim və Seyid Həmzə məqbərələrindəki hadisələr, Molla Qurbanın saqqalının qırxılması, intizariyun firqəsinin ifşa edilməsi, Kərbala ziyarətinə gedənlərin €çar agentlərib adı ilə şəbnamələrdə yazılması və sair bu kimi işlərin hamısı mənim mövqeyimə təsir edir. Cənab konsul hər gün məni çağırıb, gizli əllərin aşkara çıxarılması və Təbrizdəki inqilab təşkilatının ifşa və həbs edilməsini tələb edir. Bəndə nə çarə edim? Bu məmləkətdir. Bunun idarəsini mənə tapşırıblar. Yuxarı baxıram bığdır, aşağı tərəfə nəzər salıram saqqaldır. İndi cənab sərkarın özü buyursun görək, bəndənin təklifi nədir? Balarzanı məhv etdirmək və onun dövlətini aparmaq işinin ifşasını da cənab konsul məndən tələb edir. Mən sərdar Rəşidin nə demək istədiyini bilirdim, o bütün saydıqları hadisələri bizdən bilirdi, istəyirdi ki, bunları mən özüm də təsdiq edim, özümü onun qarşısında günahkar hesab edərək yalvarim. Mən ona sual verdim: – Hələ bu hadisələri törədənlərin kimliyi bu tərəfdə qalsın, mən sizə sual verirəm: İnqilabi komitənin gördüyü bütün işlər Azərbaycanın zərərinəmi, nəfinəmidir? – İnqilab komitəsinin gördüyü işlər tamamilə Azərbaycanın səadəti üçündür. – Çox pakizə. Bu hadisələrin qarşısını almaq üçün həzrət əşrəfə Tehrandan bir göstəriş vardırmı? – Xeyr, yoxdur! – Bəs elə isə bu cür işlər sizin nüfuzunuza nə üçün toxunsun? – Çünki bu işlər çar siyasətinin əleyhinədir. – Əcəba, sizin fikrinizcə, Tehran hökuməti çarın Azərbaycanda apardığı müstəmləkə siyasətinin əleyhinə deyildirmi? – Əlbəttə, əleyhinədir! – İndi həzrət əşrəf buyursun görək, onu Təbriz hökumətinə kim təyin etmişdir? Sərdar Rəşid bu son sözümün cavabını vermək üçün xeyli gü- «əndi. Nəhayət: – Həqiqətinə baxanda bəndəni ruslar təyin etmişdir, – dedi. – Demək ki, siz Rusiya hökumətinin tərəfindən bu hökumətə təyin edilmişsiniz? – Bəli, hə da, elə çıxır. – Elə isə siz nə üçün Rusiya əleyhinə çıxan inqilabçıları təqsirləndirirsiniz? Bir halda ki, özünüz də sizi bu ali vəzifəyə təyin edən Rusiya hökumətinin əleyhinə çalışırsınız, başqalarını təqsirləndirməyə nə haqqınız vardır? Əcəba, Rusiya əleyhinə işləmək üçün Əbülfət Mirzə vasitəsilə Almaniya dövlətindən 50 min tümən almaq ruslara xəyanət deyildimi? Erməni xalqını qırdırmaq və qarət etdirmək üçün Helmi Fovzi ilə sazişə girmək ruslara qarşı xəyanət deyildimi? Mirzağa Bülluri və Hüseyn Fişəngçilə kağızlaşıb Hacı Səməd xanı rus qoşunu ilə bərabər Savucbulaq altında məğlub etdirməklə Hacı Səməd xanın yerini tutmağa hazırlanmaq çar Rusiyasına xəyanət deyildimi? Həzrət əşrəf, bu saydıqlarım sizin Rusiya dövlətinə qarşı xəyanətlər deyildimi? Tehran hökumətinə və özümüzə qarşı etdiyiniz xəyanətlər daha böyükdür. Sizin çar Rusiyası əleyhinə olaraq Tehrana verdiyiniz xəbərlər və Tehrandan gələn xəbərləri isə Rusiya hökumətinə verdiyinizə aid vəsiqələrin hamısı inqilabçıların əlindədir. Siz, hər iki hökumətə qarşı xain hesab olunursunuz. Lakin təəssüf olsun ki, həzrət əşrəf öz verdiyi əhd-peymanın üstündə durmaq istəmir və lazımi işlərini bizimlə məsləhətləşdirmir. Hərgah həzrət əşrəf öz əhd-peymanının üstündə durarsa, mən onun mövqeyinin müdafiə olunmasına söz verirəm. Biz çar konsulu yanında sizin nüfuzunuzu, etimadınızı yüksəldə bilərik. Həzrət əşrəf özü bilir ki, biz onun nüfuzuna toxunmaq istəmirik. Sizin son günlərdə olan hərəkətlərinizdə böyük bir şübhə hiss olunur, buna görə də mən sizin bir dostunuz kimi bu xətt-hərəkətin dəyişilməsini məsləhət görürəm. Siz bizi məhv etməkdən qabaq özünüzü məhv edə bilərsiniz. İndi mən sizə bir sual da verəcəyəm: -— Siz Təbriz inqilabçılarından kimi tanıyırsınız? – Heç kəsi tanımıram! – Mənim inqilabçı olduğum haqqında sizdə bir vəsiqə vardırmı? – Xeyr, yoxdur! – Lakin sizin hər iki hökumətə xain olduğunuz barəsində inqilabçıların əlində yüzlərlə vəsiqə vardır. Hərgah sabahın özündə həmin vəsiqələrin birisini şəbnamədə yazdırıb Təbriz divarlarına yapışdırsalar, o zaman siz nə kimi bir vəziyyətə düşərsiniz? Sərdar Rəşid bir neçə kərə udqunub: – O zaman mən məhv olaram! -— dedikdə mən də: – Məhv olmaq lazım deyil, yaşamaq lazımdır, – dedim. – Bəlkə də, sizin inqilabçılarla dostanə əlaqə saxlamağınız günahlarınızı azaldar və vaxtında bir inqilabçı çıxıb deyər: «Cənab sərdar Rəşid bəzi sirləri bizə verir və çətin günlərdə bizə köməklik göstərirdi». Siz ancaq bu adla üzərinizdəki ləkəni təmizləyə bilərsiniz. Belə deyildirmi? – Belədir, bunu təsdiq edirəm. Ağanın başı üçün buna inanıram. – Demək ki, bu məsələmiz bitdi. İndi həzrət əşrəf buyursun görək daha nə lazımdır? – Daha sizin sağlığınız. * * * Şeyx Əbdüləzəl gəlir İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı. Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı. Düzələcək dəstənin başına iyirmi nəfər İstanbulda oxumuş və Dardanel hərb səhnəsindən yenicə Tehrana qayıtmış İran zabitlərinin təyin olunması şayiələri, rus və ingilis səfirlərini daha da rahatsız edirdi. Soltanabadda alman səfirinin iclas çağırması, Rusiya-İngiltərə əleyhinə böyük paralar sərf edərək, bir çoxlarını öz ətrafında səfərbər etməsi şayiələri doğrulaşmağa başlamışdı. Amerika konsulxanasından alınan xəbərlərə görə, Rusiyanın Tehran səfiri Etter Petroqrada, xariciyyə naziri Sazonova vurduğu 691 nömrəli teleqramında da bu məsələləri qeyd etmiş və eyni zamanda Qəzvindəki rus qoşununun geri çəkilməsi üçün İran baş nazirinin ciddi tələbat verdiyini bildirmişdi. Almanların İranı öz ittifaqlarına çəkmək təşəbbüsləri, İranın bitərəfliyini pozmaq və onu hərb səhnəsinə çevirmək üçün ingilislərin əlində mühüm bir bəhanə təşkil edirdi. Bu məsələ aralığa çıxandan bir gün sonra İngiltərə xariciyyə naziri Qerey Petroqraddakı ingilis səfarətxanasına, Bıyugenə vurduğu 2466 nömrəli teleqramında deyirdi: «İranın vəziyyətinə dair əldə edilən məlumat olduqca həyəcanlidir. Bizim və Rusiyanın ciddi hərəkət etməsi məcburidir. Biz gərək Rusiyadan Şimali İrana güclü qoşun dəstələri göndərilməsini tələb edək. Siz də cənab Sazonova inandırıcı bir surətdə deməlisiniz ki, biz hər nə olursa-olsun Bağdada hücum etməliyik. Bu məntəqənin bizim tərəfimizdən işğal edilməsi, İranda ümumi iş üçün müsbət bir təbəddülat yarada bilər. Beləliklə, Rusiyanın Şimali İrandan, bizim isə cənubdan hərəkətə başlamağımız vəziyyəti yüngülləşdirər, lakin mütləq təxirsiz hərəkətə başlamaq lazımdırə. Şimaldan ruslar İrana, cənubdan isə ingilislər Bağdada hücuma hazırlaşdıqları zaman, cLaurensə məktəbini qızıl nişanla bitirmiş Şeyx Əbdüləzəl Müəyyəd dəxi öz əlaltıları ilə bərabər Samiriyyədən Kazimeyi qəsəbəsinə, oradan da Bağdada hərəkət edib İrana gəlməyə hazırlanırdı. Qəsri-Şirindən şifrəli teleqram almışdıq, Şeyx Əbdüləzəl iyirmi nəfərlik dəstəsi ilə Xanəkin şəhərindən hərəkət edərək, Qəsri-Şirinə varid olmuşdu. Şeyx Əbdüləzəl Müəyyəd təpənin üstündə qoyulan sərhəd dirəyini keçdiyi zaman Təbrizdən istiqbala gedən heyət onu qarşılamış və onun ayağının altında iyirmi qoyun qurban kəsmişdi. Şeyx Əbdüləzəl Qəsri-Şirin hakiminin evində bir gün qalmış və bu müddətdə bütün sərhəd boyunda olan İran kəndliləri onun ziyarətinə gəlmişdi. Şeyx hələ Qəsri-Şirindən hərəkət etməmiş Sərpul, Harunabad, Mahdəşt və Kirmanşahdan şeyxi istiqbal etmək üçün nümayəndə dəstələri gəlirdi. Şeyx Əbdüləzəl Müəyyədin adamları Qəsri-Şirindən Kirmanşaha qədər bütün nəzir və hədiyyə gətirənlərin hamısını geri qaytararaq: – Cənab Şeyx Sahibüləmrin xəzinəsindən xərcləyir, Sahibüləmr gecə yuxuda öz xəzinəsindən bir qızıl götürüb şeyxin kisəsinə salmışdır. İndi neçə aylardır ki, şeyx gecə yatıb səhər yerindən qalxanda görür ki, kisəsi qızılla doludur, – deyirdilər. Təbrizə gələn xəbərlərə görə, şeyx yalnız nəzir almamaqla kifayətlənməyərək, qabağına gələn fəqirlərə də öz kisəsindəki qızıllardan nəzir verirdi. Şeyx hələ gəlib Təbrizə çıxmamışdı. Dünən onun teleqramını Sonqur şəhərindən almışdılar. Lakin Təbrizdə yenə də təzə bir hərəkat başlanmışdı. Dükanını bağlayan, işini buraxan, evini sahibsiz qoyan, uşağını dalına bağlayan və qucağına götürən qadınlar, kişilər, tacirlər, hamballar belə Həzrət Sahib meydanına yüyürürdü. Ərzaq satan dükanlar, çayçı, aşpaz və çörəkçi dükanları, hətta qüsl edən müsəlmanlara hər dəqiqə lazım olan hamamlar belə qapalı idi. Həzrət Sahib məscidinin həyətinə girmək üstündə Təbriz camaatı bir-birinin başını yarırdı. Məscidlər, məscidin həyəti və Sahibüləmr meydanı camaatla dolmuşdu. Məsələdən xəbəri olmayanlar imam zühur etdiyini bir-birinə söyləyir, bir-birinin əlini sıxır və təbrik edirdi. Bir-birinin malını oğurlayanlar, bir-birinə yalan deyənlər, bir-birinin ayağından çəkənlər halallaşır, bir-birindən üzr istəyir, barışır və razılıq alırdı. «İmam zühur etdi və dünyanın şəkli dəyişirə, – deyə bir çoxları oğurluq malları da sahiblərinə qaytarırdı. Lakin bütün bu hərəkət ancaq aşağı təbəqənin, avamın arasında idi, bunlar ciblərindəki və evlərindəki şeylərini, nəqd pullarını ehsan verir və fəqirlərə paylayırdılar, çünki «imamın zühurundan sonra hər bir şey Təbrizdə salavata satılacaqdı, çörəyi, qəndi, çayı, əti, yağı və sair şeyləri bir neçə salavat çevirməklə almaq mümkün olacaqdı. Bu şayiələr aralıqda gəzirdi. Lakin şey sahibləri hələlik mallarının salavata satıldığını xəyallarına belə gətirmirdi, onlar dükanların və anbarların qapısına qıfıl vurub, qabağında da əli silahlı qarovul qoymuşdular. O qıfıllar elə möhkəm qifillar idi ki, İmami-zamanın özü deyil, heç on bir babası da gəlsəydi, aça bilməzdi. Mən Sahibüləmr meydanına getdim. Məni ingilislərin fırıldaqları deyil, Sahibüləmr məscidinin qarşısına toplaşanların söhbətləri daha artıq maraqlandırırdı. – Məşədi ağa, insan ki var, çayizəlxətadır. Əlli beş tümənin şüğlzimməliyi boynumdadır. İstəyirsən bu saat gedək əlli beş tüməninə evimdən şey götür. İstəmirsənsə, dəstamazımı alım, həzrət Sahibüləmrin hüzurunda beş salavat çevirib savabını ölənlərinə verim. – Necə yəni beş salavat! Hələ heç bir zad yoxdur, şəhərə bahalıq salmağa başlamısan kıl – Sənin sözünə görə, yəni salavatın birisi on tümən bir qrandan əskiyəmi satılacaqdır? Eybi nədir, günün məzənnəsinə görə salavatını al! – Önü nə sən bilirsən, nə də mən... Bu, həzrətin özündən asılıdır, salavatı neçəyə qiymət edərsə, o qiymətə də hesab edərik. – Kəblə Səfərəli, bax, sənə də bir cüt başmaq şüğlzimməliyim vardır. Nə istəyirsən verim, təki həzrətin yanına üzüqara gəlməyim. – Kəblə Qulaməli, bir fitənin nə qiyməti vardır ki, məni bədbəxt eləyirsən? Sənin hamamından bir fitə oğurlamışam, kasıblıq idi. Bir qələtdir eləmişəm, günahımdan keçi İmamın hüzuruna günahkar çıxmayım. – Ağa Cəfər, bir süpürgənin əvəzinə gəl iki süpürgə verim. Bu cür söhbətləri hər tərəfdən eşitmək olurdu, amma tacirlərdən, varlılardan və mülkədarlardan heç bir səs eşidilmirdi. Heç bir səs demirdi ki: «Ey filankəs, məni bağışla, arvadına evlənmək üçün qardaşını öldürmüşəmə. Heç bir nəfər demirdi ki: «Məni halal elə, hiyleyi-şəri düzəldib kəndini almışam, evinə sahiblənmişəm, pul müamiləsinə var-yoxunu Əlindəh çıxarmışam...) və s... Söhbətlər çox uzun çəkdi, axırda məlum oldu ki, imam zühur etməmişdir, ancaq imamın Şeyx Əbdüləzəlin kisəsinə qoyduğu qızıldan birisini gətiriblər, pulu ziyarət etmək üçün camaat Sahibüləmr məscidinə yığılmış imiş. İmamın zühur etməməsi xəbərindən öz günahını boynuna alanlar qazanmadı. Əlli beş tümən sahibi öz pulunun əvəzinə on salavat çevirmək istəyənin yaxasındant tutub: – Ver bura mənim əlli beş tümənimi, oğru qırışmal, sənin özün nəsən ki, salavatın nə olsun? Kəblə Səfərəli də başmaq oğurlaynın ayağından başmaqlarını çıxardıqda: – Çıxar başmaqlarını, haramzadə köpək oğlu, sənin kimi oğrularin üzünə imam zühur etməz! - deyirdi. Hamamçı da öz fitəsinin əvəzinə fitə oğurlayanın qurşağını belindən açırdı. Ağa Cəfər də süpürgə oğrusundan çığırda-çığırda iki qranını çıxarırdı. Bu cür vuruşmaları Sahibüləmr meydanının hər tərəfində görmək olurdu. Axşam saat 9-a qədər bu vuruşmalar davam etdi. Camaatı məs- «idin qabağından dağıtmaq mümkün deyildi. Kisəsini bərəkətləndirmək üçün yüzlərlə adam şeyxin göndərdiyi qızılı kisəsinə salıb çıxarmışdı, lakin bu csəadəbə bir çoxlarına qismət olmamlışdı. İngilislərin və çar konsulunun düzəltdiyi bu macəra hələlik müvəffəqiyyətlə irəliləməkdə idi. Axşam saat 11-də Məşədi Kazım ağa gəldi, basabasda başmağınin bir tayı ilə bərabər börkünü itirmişdi. Mən ona: – Məşədi Kazım ağa, söhbətlə görəknə gördün? - dedikdə o gülərək: – İmam-zamanı hələ görməmişdən bir tay başmaq ilə börkümü itirdim, özünü görsəydim, yəqin ki, evə lüt gələcəkdim, – dedi və qəhqəhə ilə güldü. – Pulu gördünmü? Nə cür pul idi? Pul qızıl puldur. İran əşrəfiləri böyklüyündədir. Bir tərəfində Qaimül-Məhəmməd, o biri tərəfində isə «Zər» Filbəldətü-Samiriyyə) sözləri yazılmışdır!. Heç şübhə yoxdur ki, bu paralar ya Londonda, yainki çar Petroqradının sikkəxanasında kəsilmişdi. Şeyx Əbdüləzəl Müəyyədin özünə məxsus şeyləri iki ata yüklənmişdi. Şeyxin özü və onun yoldaşları ata yüklənmiş şeylərə o qədər də əhəmiyyət vermirdilər. Şeyxin bütün diqqəti öz boynuna həmail etdiyi Quranda idi. Şeyx boynundan asdığı bu Quranı heç vaxt yerə qoymurdu. O oturduğu və söhbət etdiyi, hətta şam yediyi zamanda da onu öz yanında dolandırırdı, ancaq su başına çıxdığı zaman, yanındakı Quranı öz xidmətçisi olan bir hindliyə tapşırırdı. Şeyx Əbdüləzəlin qafiləsi Payintağ” kəndindən təzəcə köçmüşdü, qafilə hələ Miyartağa çatmamışdı. Şeyx Əbdüləzəlin gəcavəsini daşıyan atın ayağı sürüşdü. Şeyx kəcavə ilə bərabər yıxıldı, Kəcavəni tutmaq və şeyxi mühafizə etmək üçün hər tərəfdən köməyə gəldilər. Şeyxi bizim tərəfimizdən təqib edən Salah Müseyiboğlu da hamıdan qabaq ona yanaşdı və şeyxin qolundan tutub qaldırmaq I Yəni Samiriyyə şəhərində kəsilmişdir. ? Sərpul ilə Kirmanşah arasında bir kürd kəndidir. bəhanəsi ilə boynundan açdığı Quranı kəsdi və özünü meşəyə salıb aradan çıxdı. Şeyxi qaldırıb kəcavəyə qoydular. Onu gətirmək üçün gedən dini heyətin üzvləri kəcavənin sağında, solunda piyada olaraq gedir və şeyxi mühafizə edirdilər. Hələ o qədər gedilməmişdi ki, şeyx həyəcanlı bir surətdə səsləndi: – Saxlayın kəcavəni! – Kəcavəni saxladılar, qafilə dayandı. Şeyx bir daha yanındakılara müraciət edərək: – Allahın kəlamını itirmişəm! Qayıdın, bəlkə onu yıxıldığım yerdə salmışam. Onu axtarmaq lazımdır, – deyə qışqırdı. Şeyx özü də kəcavədən düşdü. Hava hələ işıqlanmamışdı, gün çixana qədər dayandılar, hər tərəfi axtardılar, lakin heç bir şey tapılmadı. Şeyx Əbdüləzəl Müəyyəd Təbrizə getməkdən boyun qaçıraraq: – Görünür ki, həzrət Sahibüləmr təbrizlilərin gözünə görünməyi məsləhət görməmişdir, siz günahkar xalqsınız, Allahın kəlamı sizin ortalığınızda yox oldu. Bu söz dini heyətin hissiyyətinə toxundu, onlar bir-birinin şeylərini və üst-başını o ki, lazımdır axtardılar, lakin bir şey əldə edə bilmədilər. Qafilə xalqı şeyxə müraciətlə: – Atamız, anamız sənə fəda olsun, bəlkə də, Allahın kəlamı Payintağdakı mənzildə qalmışdır? – dedikdə Şeyx: – Mən bilirəm ki, oradan hərəkət edəndə kəlami-şərif mənimlə barəbər idi, Sizin şübhəniz qalmamaqdan ötrü yenə də Payintağa adam göndərmək lazımdır, – dedi və şeylərin dalınca bir nəfər çaparı göndərdilər. Müseyib isə şeyxin həmallini götürdükdən sonra onu yoxladı və lazım olan vəsiqələrin əldə edildiyini gördükdə birbaşa Təbrizə yola düşdü və Şeyx Əbdüləzəl Müəyyədin qafiləsindən səkkiz gün əvvəl Təbrizə çatdı. Şeyxin həmailindəki vəsiqələr olduqca mühüm vəsiqələr idi. Həmaildə Quran və sairə dini kitablar yox idi. Orada şeyxin vəsiqələri və iş planları idi, bunun üçün şeyx daim onu öz yanında gəzdirir və heç bir kəsə etibar etmirdi. Şeyxin vəsiqələri ingilis və ərəb dillərində idi. Şeyxin rəngi və çöhrəsi, özünün avropalı olmasını göstərirdi. Həmaildə tapılan vəsiqələrin birisində şeyxin Afrikada Hürran şəhəri xaçpərəst ərəblərindən (or) Tüyuş adında bir ingilis missioneri olduğu meydana çıxdı. Şeyx Londonda xəfiyyəçilik məktəbini bitirdikdən sonra Sudanda və Misirin Qradan və Mənfis şəhərlərində bir neçə il müsəlmanlar arasında ruhanilik etmiş, nəhayət, dünya müharibəsi başlandığı vaxt Misirdə ingilis xəfiyyə təşkilatından aldığı əmrə əsasən Bağdad şəhərinə gəlmiş, orada fəaliyyətə başlamışdı. Şeyx tək deyildi, onun ətrafında on beş nəfər də başqa ruhanilərin adları yazılmışdı. Şeyx Əbdüləzəlin xüsusi katibi Ağayi Nəhavəndinin adını miss Hannaya oxuduğumuz zaman o güldü və Amerika konsulxanasında olan alman xəfiyyələrinin cədvəlinə baxaraq dedi: – Nəhavəndi İran qaraçılarındandır. O, 1889-cu ildə Urmuda alman missioneri Rozenin yanında nökər olmuş və onunla bərabər Almaniyaya getmişdir. 1905-ci ilə qədər Almaniyada təhsil almış və iranlı olduğu üçün Almaniya xəfiyyə təşkilatları tərəfindən Kərbəla və Nəcəfə elmi-ilahi təhsilinə göndərilmiş, 12-ci ildə «Ağayi Nəhavəndib ləqəbi ilə müctəhid olmuşdur. Əsl adı Səlimdir. Ataanası məlum deyil, Urmuda almanların açdığı yetimxanada böyümüşdür. Ağayi Nəhavəndi alman xəfiyyə təşkilatının tapşırığına görə ingilis xəfiyyə təşkilatında xidmətə girmişdir. Təbrizə gələn bu ingilis xəfiyyəsinin başındakı ruhanilərin içərisində osmanlı mənfəətinə çalışan Şeyx Yəhyayi Hilvi, rus mənfəətinə çalışan Mirzə Hüseyn Yəzdi və sairələri də var idi. Biz ancaq Təbriz xalqına Şeyx Əbdüləzəl Müəyyədin simasını göstərməyə və onların kimlərə aldandığını aydın etməyə çalışırdıq. Şeyx hələ Təbrizə gəlməzdən əvvəl biz heç bir iş görməməli idik. O gəlməmişdən qabaq onu ifşa etmək yaramazdı, ola bilərdi ki, ifşa edildiyini eşitdiyi zaman Təbrizə gəlməz, qayıdıb Bağdad şəhərinə gedərdi. Bunun üçün biz də hazırlıq aparırdıq. İntibahnamələri, vərəqələri hazır edirdik, şeyxin Londonda oxuduğu zaman ingilis qiyafəsindəki rəsminin klişesini düzəldirdik. Onun xəfiyyə məktəbi qurtardığına aid diplomun fotosunu aldırdıq. Onun Misirdə ikən boynunda xaç olaraq aldırdığı bir rəsmini də klişe etdirmişdik. Nəhayət, onun Bağdadda, Samiriyyədə, hətta İran sərhədini keçirkən əmmaməli alınmış rəsminin də klişesini çıxarmışdıq. Bir çox vərəqə və intibahnamələri Şeyxin Misirdə xaçpərəstlikdə, Londonda xəfiyyə məktəbində, Bağdadda isə ruhanilikdə aldırdığı şəkillərlə bəzəmişdik. Şeyx Təbrizə gəlincəyə qədər bizim bütün hazırlıq işlərimiz qurtarmışdı. Nəhayət, mən sərdar Rəşiddən belə bir məktub aldım: “Şeyx Əbdüləzəl Müəyyədin istiqbalına getmək üçün düzələn siyahıda sizin və Ağayi Məşədi Kazım ağanın da ismi-şərifləri vardır. Rica edirəm ki, bu dəvəti rədd etməyəsiniz. Sərdar Rəşidə. Bazar-dükan bağlanmışdı, lakin bu çox da təəccüblü deyildi, çünki İranda adi bir adam belə Kərbəla və yaxud Xorasan ziyarətindən gəldiyi zaman camaat bazar-dükanı bağlayıb onun istiqbalına gedirdi. Lakin Şeyxin istiqbalına gedənlərin sayı daha çox idi. Şeyxin Kovkan şəhərindən hərəkət etdiyinə dair teleqram alındığı zaman, Təbriz camaatı arvad-kişi Sərdrud kəndinə doğru axıb gedirdi. Kəci! qəbiristanından başlamış, Yanıq və Goran tərəflərinə qədər yolun hər iki tərəfi camaatla dolu idi. Biz Məşədi Kazım ağa ilə faytonda getdiyimiz zaman uzunqulaq, fayton, araba və atla istiqbala gedənlərin qalın dəstələrini yarıb getməyə məcbur olurduq. Yolda yorulanlar dincini alır, acmışlar süfrəsini açıb çörək yeyir, üşümüşlər tonqal düzəldib qızışır, eyni zamanda dərvişlər də oxuyur, kəşkülünü onun-bunun qarşısında tuturdu. Biz Sərdrud kəndinə yetişdiyimiz zaman Azərbaycan valisi» sərdar Rəşid də avtomobillə şeyxin istiqbalına gəlmişdi. Kəndin damları, küçələri, meydanlar, bazarçalar camaatla dolu idi. Yaxın kəndlərin avam camaatı şeyxin üzünü görmək üçün Sərdrud kəndinə yığışmışdı. Şeyxi Təbrizə təntənə ilə daxil etmək üçün bütün hazırlıqlarla bərabər bir də təzə fayton gətirmişdilər. Lakin şeyx o təntənənin heç birisini qəbul etmədi, faytona da minmədi, öz gətirdiyi «taxt-rəvamə ilə Təbrizə daxil olmasını arzu etdi. Kütlələr şeyxi görmək istəyirdi, lakin heç kəs buna nail ola bilmədi, çünki: «Müqəddəs adamların murdar və günahkar xalqa görünməsi günahdırə deyə o, başını taxt-rəvandan dışarı çıxarmadı. Camaatın həyəcanını onların təkrar-təkrar salavat çəkdikləri göstərirdi. Nəhayət, şeyxin katibi Ağayi Nahavəndi başını taxt-rəvandan dışarı çıxarıb səsləndi: – Əyyühəmnasl Həzrət Əbdüləzəl Müəyyəd sizə Qaimül-Məhəmməd tərəfindən gətirdiyi salamı təqdim edir. Bu sözdən sonra gurultu, salavat səsləri ucaldı və dərhal taxt-rəvanı daşıyan qatırların ayağı altında 40 qoyun qurban kəsildi. kkok Şeyx Əbdüləzəl Müəyyədin qafiləsi təntənəli bir surətdə Təbrizə daxil oldu. Taxt-rəvan müctəhidlərin, şəhər əyanlarının arasında gedirdi, bütün küçələrdə qurbanlar kəsilirdi. Şeyxi istiqbal edənlərin içərisində faytonlarda gedən əyanlar və aristokrat qadınları da var idi. Ağ uzunqulaqlara minmiş üzü ağ pərdəli qadınlara da tez-tez təsadüf edilirdi. Salavat və €Ya Əlibə səslərinin içərisində, uzunqulaqların cilovundan tutub çəkən nökərlərin €Xəbərdar! Xəbərdarlp səsləri də eşidilirdi. Dar küçələrdən, dolaşıq döngələrdən keçmək mümkün deyildi, nəhayət, axşam qaranlıq düşəndə ağanın qafiləsi Mirzə Həsən ağanın qapısında dayandı. Şeyx burada mənzil edəcəkdi. Taxt-rəvan dayanan kimi Hacı Mirzə Həsən müctəhid və Mirzə Kazım ağa imamcümə Şeyx Əbdüləzəl Müəyyədin qolundan tutub taxt-rəvandan düşürdülər, salavat səsləri altında içəri apardılar. Gecə çox soyuq idi, buna baxmayaraq, Mirzə Həsən ağanın evinin ətrafında minlərlə adam ayaq üstündə gecələyirdi. Şeyx Əbdüləzəl Müəyyəd ayağını qoyduğu yerlərin torpağını qadınlar bir qarış qədər qazıyıb götürmüşdülər. Gecə səhərə qədər Təbrizin, xüsusən də Dəvəçi məhəlləsinin küçə bazarçaları açıq idi, camaat yatmaq istəmirdi, çünki «İmam-zamanın? yanında gələn və Təbriz xalqına imamın zühuru xəbərini gətirən Şeyx Əbdüləzəl Müəyyəd sabah həzrət Sahibüləmr məscidində camaat namazı qılacaq idi. Buna görə də şeyxi yaxından görməyə maraqlanan avam təbəqələr axşamdan bəri evinə getməyərək məscidin həyətində və qapısında sübhün açılmasını gözləyirdi. Lakin avam təbəqələrin və eyni zamanda ingilis və çar konsulxanalarının bu arzusu həyata keçə bilmədi, çünki artıq bizim intibahnamələr havadan yağan qar kimi Təbrizə yağmışdı. Divarlar, məscidlərin, hamam və karvansaraların qapıları, tinlər, döngələr, bəndərlərin hamısında bizim intibahnamələri görmək olardı. Şeyx Əbdüləzəl Müəyyəddin hər libasda olan şəkli, onun vəsiqələri, onun vaxtı ilə Təbrizə gələn Çarlz Vilyam adlı nümayəndəsi və onun şəxsiyyətinə aid bütün sübutları Təbriz divarlarında oxumaq mümkün idi. Konsulxanaların qapısına yapışdırmaq üçün xüsusi intibahanmə çap etdirmişdik. İngilis konsulunun qapısına bu məzmunda bir itibahnamə atılmışdı: eCənab konsul! İmamı zühur etdirmək macərası artıq köhnəlməyə başlamışdır, çünki sizin cdemokratikə hökumətiniz bu fırıldağı Afrikada və Şərqın başqa-başqa məmləkətlərində bir neçə kərə həyata keçirmişdir. Siz Şərq xalqının dinçi və mövhumatçı olduğundan istifadə edərək imam zühurundan başqa, peyğəmbərlər də yaratdınız, siz Bab və Bəhanın islamiyyətdə müəyyən bir təriqətin banisi olaraq aralığ çıxdığı zaman ona peyğəmbər libası geyindirib islam xalqları içərisində təfriqə yaratmağa çalışdınız. Lakin bu silahınız da köhnəlmişdir, hazırda Şərq xalqları Bab və Bəhanın bir dini müəssisəsi deyil, ingilislər əlində alət olduqlarını anlamışlar. Hazırda nə sizin hərranlı xaçpərəst ərəb /or) Tüyuşu Şeyx Əbdüləzəl Müəyyəd donuna saldığınız, nə də Londonda Laurensin xəfiyyə məktəbini bitirən Çarlz Vilyamı Ağayi Rübnüma donuna salıb, Təbrizə göndərmək kimi firıldaqlarınız müvəffəqiyyət qazanmadı. Sizin saxta şeyxinizin yanında katiblik edən Ağayi Nəhavəndilərin də siması bizə məlumdur. Hərgah bu sizə kömək etmək kimi məna edilməsəydi, biz Nəhavəndilərin tərcümeyi-halını sizə bildirər və sizin Şərq peyğəmbəri olan Laurensin çox da mahir bir şeytan olmadığını sizin üçün aydın edərdik. Xalqın avamlığından istifadə edib onu əsarətə almaq istəyən və eyni zamanda özünü dünyanın ən cdemokratikə hökuməti hesab edən ingilislərə ar olsun! Bu gündən Təbriz İnqilab Komitəsi sizə elan edir ki, fırıldaqçılarınızı Təbrizə yox, ƏrəbistandaYəmən, Nəcd, Eysər səhralarına, oradakı vəhşi qəbilələrin içərisinə aparın! Hərgah Təbriz xalqı məğlu» olub sizin və çar hökumətinin müstəmləkə siyasətinə təslim olursa, o da özünün acizliyindən yox, başçılarının və hökumət adamlarının xəyanətindəndir. İnqilab Komitəsi». Bu intibahnamədən başqa şəhər xalqına da bir müraciət çap etdirdik. Şəhər xalqında dönüş yaratmaq üçün əlimizdən gəldiyi qədər çalışdıq. Vərəqələr və Şeyx Əbdüləzəl Müəyyədin cürbəcür şəkilləri əldən-ələ gəzirdi. Xüsusən Sahibüləmr məscidinin həyətinə dağıdılan vərəqələr camaatın təəccübünə səbəb olmuşdu. Şeyxi camaat namazına gözləyən və imamın zühuruna inanan avamlar sanki birdən-birə yuxudan ayılmışdı. Onlar sanki keçən günləri həyatda yox, yuxuda görürdülər. Şəhər polisinə, intibahnamələri oxuyan camaatı dağıtmaq əmri verilmişdi. Lakin bu əmr kömək etmədi, çünki polislərin özü də bununla maraqlanır və divardakı yazıları oxumağa və öyrənməyə çalışırdı. Günorta namazına və şeyxin məscidə gəlməsinə az qalırdı, keçən gecədən yuxusuz qalmış xalqın bir çoxu vərəqələri oxuduqdan sonra dağılıb evlərinə getmişdi. Nəhayət, saat, 12-də məscidin qapısına belə bir elan vuruldu: Bu gün Şeyx Əbdüləzəl Müəyyəd xəstələndiyi üçün camaat namazına gəlməyəcəkdirə. Həyəcana gəlmiş xalq şeyxi evdən çəkib cəzalandırmasın deyə Mirzə Həsən ağanın məscidinin ətrafına sərbaz qoyulmuşdu. Biz Məşədi Kazım ağanın evində yığışıb öz müvəffəqiyyətimizin bayramını edirdik. Ninanı gözləyirdik. O hələ konsulxanadan qayıtmamışdı. Bugünkü hadisələrin konsulxanada nə kimi təsir bağışladığı ilə maraqlanırdıq. Nina saat 4 tamamda gəldi və qabaqca mənim əlimi sıxaraq: – Bugünkü müvəffəqiyyətinizi təbrik edirəm! – dedi. – De görüm konsulxanada nə kimi vəziyyət törənmişdir? – deyə soruşdum. – İngilis konsulu həyəcan içərisindədir. O, əlindəki kağızı göstəri» general-konsula etiraz etdi. İngilislər çar konsulxanasının yerli hökumətə təsir edə bilmədiyini, öz nüfuz məntəqələrindəki ixtiyarlarından istifadə etməyi bacarmadıqlarını söyləyərək, öz narazılığını bildirdi. Konsul Mirzə Ələkbər xan və Mirzə Fətulla xanla bərabər ingilis konsulunu yola saldıqdan sonra: – Afərin belə təşkilata! – dedi. – Olduqca ehtiyatkar işləyirlər, Təbrizdə qorxulu bir qüvvə mövcuddur, burada çalışqan bir hökumət olmayınca gizli əlləri aşkara çıxarmaq mümkün olmayacaqdır. Konsul bu sözləri dedikdən sonra sərdar Rəşidi telefona çağırdı. Nina sözünü bitirdikdən bir neçə dəqiqə sonra telefonun zəngi vurdu, sərdar Rəşid ikinci çayı içmək üçün bizə gələcəyini bildirdi. * * * Vəliəhd gəlir Çar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi. İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər. Hələ 1915-ci il yanvarın 18 və 20-də xariciyyə naziri Sazonov Qafqaz canişini Vorontsov-Daşkova və Tehrandakı çar səfiri Etterə vurduğu teleqramında, vəliəhdin Təbrizə gəlməsinə razı olmadığını bildirmişdi. Bu teleqramda Sazonov sərdar Rəşidin Təbriz hökumətində qalmasını məsləhət görür və bunu da İran hökumətindən tələb edirdi. Bu barədə Təbriz general-konsulu sərdar Rəşidi təbrik edərək: – Rusiya sizin Təbrizdə qalmağınızı lazım bilmişdir, cənab Sazonov bu barədə Tehran səfiri vasitəsilə İran hökumətinə xəbər vermişdir, – demişdi. Axşam sərdar Rəşid Mahrunu da götürüb bizə gəlmişdi. O, hər bir söhbətdən qabaq, həmişə olduğu kimi dedi: – Cənab general-konsul bəndəni yanına çağırmışdı, tapşırdı ki, yerinizdə möhkəm oturun, çar hökuməti ancaq sizin idarənizə inanır. İndi hökumətin dostluğunu ancaq siz möhkəm bir surətdə davam etdirə bilərsiniz. Vəliəhdin Təbrizə gəlməsi doğru olsa belə, peşəkar” yenə də siz cənab olmalısınız. Mən sərdar Rəşidi bu xəbərdən təbrik etməklə bərabər, dediklərinin də heç birisinə inanmırdım, çünki miss Hama vasitəsilə Amerika konsulxanasından aldığım məlumat onun dediklərinin tamamilə əksinə idi. Çar konsulu yaxşı bilirdi ki, sərdar Rəşidi iş başında saxlamaq mümkün olmayacaqdır. Ruslar vəliəhdin peşəkarlığına əvvəlcə sərdar Rəşidi təklif etdilər. Lakin İran hökuməti bunu qəti rədd etdi, nəhayət, xariciyyə naziri Sazonov rusların parası ilə yaşayan şahzadə Fərmanfərmanın namizədliyini qoydu. İran hökuməti Azərbaycana öz inanılmış adamlarını qoymaq üzərində ciddi mübarizə apardığından vəliəhdin peşəkarlığına, rus əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü təyin etdilər. Təbiidir ki, mən bunları sərdar Rəşidə deyə bilməzdim, çünki o öz mövqeyindən naümid olduğu üçün təlaşa düşər və bizim sirlərimizi çar hökumətinə verməklə öz mövqeyini müdafiə etmək istərdi. Bunun üçün də mən ona təsəlli verməklə: – Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz, – dedikdə öz xalqının xaini və öz millətinin əleyhinə işləyən bu casus dərindən bir ah çəkərək: – Siz çar hökumətini tanımırsınız! – dedi. – Onlar bir nəfər sərdar Rəşiddən ötrü bir hökumətlə baş-başa vurmazlar. Hacı Səməd xan bütün aləmi onlar üçün qırıb məhv etdi, axırda nə kimi mükafat aldı? Onlar məni də Hacı Səməd xan kimi mükafatlandıra bilərlər, çünki artıq mən onlara lazım deyiləm! Mən yenə də çar agentinin bu sözlərini təsdiq edə bilmədim, çünki onun vicdanı mənim üçün aydın idi, o özü dediyi sözlər mənim adıma bağlayaraq konsula xəbər də verə bilərdi. – Səhv edirsiniz, – dedim, – siz özünüzü Hacı Səməd xanla müqayisə etməyin, siz çarın cUqab səfidə. nişanını daşıyırsınız, çar hökuməti onu hər adi və sadə adamların döşünə taxmazl Siz məni eşidin, çar hökuməti o nişanın xatirəsi üçün sizi hər zaman və hər ehtimala qarşı müdafiə edər. Tutalım ki, vəliəhd gəlir, qoy gəlsin: şükür Allaha, möhtac ki, deyilsiniz. Rusiyadan böyük miqdarda təqaüd alırsınız. Siz vəzifə olmadan da yaşaya bilərsiniz. İran hökuməti də sizi vəzifəsiz qoymayacaqdır. Sərdar Rəşid yenə də ah çəkdi. – Doğru deyirsiniz! Hərgah əvvəlki vaxtım olsaydı, ömürlük işləməsəydim, yenə bir kəsə ehtiyacım olmazdı. Bir kürur” dövlətimi apardılar. İndi heç bir şeyin sahibi deyiləm! Mən yenə də ona təsəlli verdim. 1 £Ağ oryolb. 2 Kürur -— bir milyon manat. – İndi elə bir zamandır ki, bir həftənin sözünü danışmaq caiz deyil: vəziyyət hər an və hər dəqiqə dəyişə bilər. Mən həzrət əşrəfə belə məsləhət görürəm ki, vəliəhd Təbrizə gəlsə də, heç bir işə qarışmayıb, çəkilib öz evində otursun. – Mən də bu cür düşünürəm. Oturub görək işin axırı necə olur. Bir azdan sonra Nina gəldi, çünki Mahru sərdar Rəşid bizə gələn kimi Ninanı çağırmaq üçün adam göndərmişdi. Nina gələn kimi söhbətin mövzusu dəyişdi. Sərdar Rəşid onu gördükdə yenə də öz sevgilisi İraidanı xatırladı. – Doğrudan da, elə bildim ki, İftixarissoltan içəri girdi, – dedi və fikrə getdi. Sərdar Rəşidə təzəcə qəlyan vermişdilər ki, evindən telefon etdilər. O bizimlə vidalaşıb getdikdə: -Hökumət dairəsindən çağırırlar, – dedi. Biz ona inanmadıq, çünki onu çar konsulu çağırırdı. Təbrizdə ingilis və çar hökumətinin ifşa edilməsi sərdar Rəşidin vəziyyətini bir daha ağırlaşdırmışdı, o, çıxılmaz vəziyyətdə idi. O bizi yaxşı tanıyırdı, bütün bu işlərin bizim tərəfimizdən ifşa edildiyini bilirdi, lakin bunu açıb bir yerdə deyə bilmirdi, çünki özü də bu işlərdə iştirak etmişdi. Mahru və Nina mənim yazı stolumun yanında oturmuşdu. Bu günlər özümü olduqca rahat hiss etdiyimdərn bu iki qızla bir an oturüb söhbət etmək və hallarını soruşmaq istəyirdim. Ninanın yaşadığı ev, mən özüm yaşadığım binada olduğuna baxmayaraq, son vaxtlar onunla şəxsi söhbətlər üçün vaxt tapa bilmirdim. Onun kimi də Mahrunun sərdar Rəşidin evindəki vəziyyətindən xəbərim yox idi. Mən onların vəziyyətini düşündüyüm zaman hər ikisi kirpiklərini bir-biri üzərinə töküb baxırdı. Mən onların İran inqilabına göstərdiyi məsul və ağır xidmətlərini bir-bir xatirimdən kçirirdim. Bu qızların hər ikisinin 11-ci illərdə alınmış şəkilləri yazı stolunun üstündə idi. Mən bir onların özlərinə bir də şəkillərinə baxıb müqayisə edirdim. Onların nə qədər dəyişdiklərini gördüyüm zaman özüm hiss etmədən belə başıma hərəkət verərək: – Gəncliyi çeynəmək üçün, -— dedim, – hadisələrin dişləri bir «əlladın silahından daha kəskindir! Nina bu sözümdən təəssüflü bir surətdə gülümsədi və mənim üzümə baxdı. Mahru isə özünəməxsus bir hərəkətlə qara kirpiklərini bir-biri üzərindən qaldırıb, titrəyən göz bəbəklərini dolandırıb mənə baxdı və dedi: – Elədir, qardaşım! Xəyal və düşüncə insanların daxili düşmənidir. Bir cəlladın iti silahı qarşısından qaçmaq mümkündür, lakin minlərlə kədərlərdən süzülüb qəlbə dolan fikirlərin silahı qarşısından qurtarmaq mümkün deyildir. O kimi kədərlər insanları zəhərlə yox, şəkər xəstəliyi tutan xəstələr kimi şəkərlə zəhərləyib öldürür, onun varlığını gündən-günə əridir. Sən bizi gözdən keçirdiyin və bizim şəkillərimizə baxdığın dəqiqələrdə mən sənin qəlbini oxuyurdum, sən bizim dəyişib-dəyişmədiyimizi müqayisə edirdin. Mən bütün xalqın azadlığını, səadətini istəyirəm. Bu yolda öz həyatımı təhlükə və uçurumlar qabağına atmağa hazıram, bunu qardaş özü də gözəlcəsinə bilir, lakin mənim özümün xalq üçün istədiyim səadətdən, xalq üçün dilədiyim azadlıqdan heç bir payım yoxdur. Mən yenə də əsirlikdə, həqarət içərisində, gecələri səhərə kimi qorxulu fikirlərin pəncəsində sərdar Rəşidin işgəncəsi altında yaşamaqdayam, bunların nəticəsində də, əlbəttə, sən dediyin kimi olacağam. Mən özüm də hiss etmədiyim halda ağzımdan çıxardığım söz Mahrunun çoxdan bəri danışmaq istədiyi dərdlərini coşdururdu. O da öz sözlərini dedikdən sonra yenə də kirpiklərini bir-birinin üstünə töküb oturmuşdu. Mən onları bir daha nəzərdən keçirdim, onların hər ikisinin çöhrəsində gəncliyi göstərən nişanələr bitir və qızlığa məxsus şad baxışlar sönüb gedirdi. Xüsusən Nina tamamilə dəyişmişdi. Onun çöhrəsi ağır bir ailəni idarə edən yorğun bir qadının baxışlarını andırırdı. Son vatlar o, əvvəldə olduğu kimi özünün qeyri-müəyyən olan həyatından da şikayət etmirdi. O, bir tərəfdən mənim ağır vəziyyətdə olduğumu hiss edir, o biri tərəfdən də öz məsuliyyətli vəziyyətinin ağırlığı nəticəsində öz həyatı və öz sevgi məsələlərindən söz açmağa macal tapmırdı, ancaq mən bir təhlükə qarşısında olduğum zaman o: – Sənə bir şey olmayaydı, – deyib ağlardı. Artıq bir-birinin təqib edən qorxulu hadisələr onun əsəblərini möhkəmlətmişdi, qız inqilab cəbhəsində vəzifə daşımağa adət etmişdi. İstər Mahru, istərsə Ninada gördüyüm bu mətanət, bu qırılmaz iradə bəzən mənim özümə də qüvvət verir və mübarizədəki inadımı artırırdı. Mən bəzən mübarizəni qurtarıb Təbrizdən çıxmaq istədiyim zamanlarda Mahru sanki mənim qarşımda durub, «Mübarizədən qorxdunmu?ə) – deyə mənə gülürdü. Mən bu fikirlərdən sonra başımı qaldırıb onların hər ikisinin əllərini tutaraq: – Bizim qazandığımız zəfərlər kütlələrin iradə və mətanətindən doğan bir məhsuldur. Bu zəfərlərin tarixində, müharibə səngərlərində can verən altmış nəfər Təbriz qadını ilə bərabər Zeynəbin, Mahrunun və Ninanın da adı yazılacaqdır. Mən hərgah bir yazıçı, bir romançı olsaydım, qadınlar haqqında böyük romanlar və poemalar yazardım, çünki Təbrizdə apardığımız mübarizədən aldığım təcrübələr mənim üçün böyük həqiqətləri göstərdi. O həqiqətlər, bəzi qadınların kişilərdən daha möhkəm olmasından ibarətdir. Mən Təbriz müdafiəsində köpək səslərindən hürkən kişiləri gördüyüm kimi, sağ-solunda partlayan top mərmilərinin dəhşətinə soyuqqanlı baxan qadınları da gördüm: əl bombaları tutub düşmən tərəfə atan Zeynəbi də xatırlayıram. Mahru bir daha göz qapaqlarını qaldırıb dedi: – Ölənlər namusla öldü, sağ qalanlar isə görək həyatlarını namusla başa çatdıra biləcəklərmi? – Bu barədə düşünmə, Mahru. Mən səni anlayıram, sən öz həyatını namus və şərəflə başa çatdıracaqsan. – Buna ümidim yoxdur. – Mahru ümidsiz bir halda dedi. – Vəliəhdin Təbrizə gəlməsi, sərdar Rəşidin Təbrizdən yığışıb Tehrana getmək istəməsi mənim fəlakətimi daha da dərinləşdirir. Sən onun danışdıqlarına əhəmiyyət vermə. O sizin başınızı aldadır. Tehrana gizlincə hərəkət etmək hazırlığını görür, ayıq olun, o sizi burada da sata bilməsə, Tehranda satacaqdır. – Çox razıyam, Mahru. Onu mən də düşünürəm. Sərdar Rəşidin məsələsi də bizim boynumuzda bir yükdür. Bu ağırlığın altından nə cür çıxa bilmək barəsində dərindən düşünmək lazımdır. Nina danışmırdı. Məncə, Ninanı düşündürən bir cəhət varsa, o da özünün həyatına və mənimlə olan əlaqəsinə müəyyən bir şəkil verə bilməməsindən ibarət idi. Heç cür məna edilməz və hər bir təxmindən kənarda duran bu həyat, yeddi ildən bəri davam edirdi. Bu həyatı bir ailə həyatı kimi düşünənlər də səhv etmirdi, çünki Nina ilə olan dostluğumuz və məfkurəvi əlaqəmiz bizim barəmizdə səhv düşünənləri haqlı çıxarırdı. O, heç bir söz danışmırdı, çünki özünün bu həyata qarşı bəslədiyi dərin etirazları olduğu kimi, bunları ifadə üçün təzə bir kəlmə tapa bilmirdi. Mən onun bu sükutunu pozmaq istəmədim, yenə də Mahruya: – Sən ayıq ol, sərdar Rəşidin hərəkəti haqqında bizə xəbər ver, – dedim. – Onunla bərabər heç bir yerə getmə. Nicat günləri yaxındadır... cökdki Çar diplomatları vəliəhdin Təbrizə gəlməsinə maneə törədə bilmədiklərindən, vəliəhdi ələ almaq və öz işlərini onun vasitəsi ilə həyata keçirməyi düşünürdülər. Rusiyanın Tehran səfiri Etter xari- «iyyə nazirinə vurduğu 18 fevral tarixli teleqramında deyirdi: Vəliəhd Təbrizə gedir! Onu Rusiya ilə dostluğa cəlb etmək lazımdır. Ona hər cəhətcə hörmət göstərməliyik. Bir də onu nəzərə almaq lazımdır ki, vəliəhdin məsarifi çoxdur. Tehran hökumətinin verdiyi maaş heç bir vaxt onu təmin etmir. Hər nə vasitə ilə olursaolsun ona maddi yardım göstərmək lazımdır. Heç birisi olmasa, Azərbaycanda rus təbəələrindən alınan vergilərin bir hissəsini gənc şahzadənin ixtiyarına verməlisinizə. Vəliəhdin Vasmincə yetişdiyi xəbəri Təbrizdə heç bir dəyişiklik yarada bilmədi. Əhalidə gənc şahzadəni istiqbal etmək həvəsini görmürdük. Halbuki son vali olan sərdar Rəşid hökumətə təyin edildiyi vaxt bütün Təbriz onun istiqbalına getmişdi. Təbriz tacirləri, şəhər əyanları vəliəhdi istiqbal etmək üçün çar konsulunun icazəsini gözləyirdi. Nəhayət, səhər tezdən rus qoşunları yaşayan qışlaların İran-Rusiya bayraqları ilə bəzənməsi və gənc şahzadənin şəklinin əlvan çiçəklər içində açılması xalqa vəliəhdin gəlməsindən rusların razı qaldığını bildirdi. Aşağı təbəqə konsulun icazəsi olmadan da böyük dəstələrlə Vasminc yolları tərəfinə axırdı. Aristokratiya və ruhani təbəqələrini görmək mümkün deyildi. Yalnız vəliəhdin karvanı Təbrizə yaxınlaşdığı vaxt, yuxarı təbəqədən çar konsulunun siyahısı ilə icazə verilən adamlar Təbriz bağlarının altında göründülər. Rus qoşun dəstələri vəliəhdə hərbi ehtiram göstərmək üçün böyük hazırlıq aparırdı. Səhər tezdən iki eskadron çar kazakları musiqi və bayraqlarla vəliəhdi qarşılamaq üçün Vasmincə göndərilmişdi. Təbriz ilə Vasminc arasındakı uzun məsafə cürbəcür silahlı rus piyadası ilə doldurulmuşdu. Təbrizin çiçəkli təbiətini görmək və Təbriz baharının lətif havasını udmaq üçün mən də Nina və Mahru xanımla bərabər Məşədi Kazım ağanın təzə faytonunda oturub vəliəhdin istiqbalına çıxmışdım. Yolların ətrafı bazar əsnafi və meydanlarda gəzən işsiz əhali ilə dolu idi. Arvad-uşaq hamıdan artıq idi. Sərdar Rəşid və çar konsulu da zinətli və yumşaq avtomobillərdə vəlləhdin istiqbalına gəlmişdi. Vəliəhdin üstüaçıq maşını çar kazakları və dilənçi dəstələrinin içərisi ilə irəliləyirdi. Mənim faytonum vəliəhdin maşınının yanından keçdiyi zaman onun çöhrəsində dərin bir kədər hiss etdim. Şübhəsiz ki, o özünün yalnız çar qoşunları və şəhər dilənçiləri tərəfindən istiqbal edildiyindən razı deyildi. Və- Həhd bu etinasızlığı ruslardan və sərdar Rəşiddən gördüyü üçün onlarla çox soyuq bir surətdə görüşdü. Nina bu etinasızlığın zəminəsini çoxdan mənə xəbər vermişdi, buna görə də bu mənzərə bizim üçün çox da təəccüblü görünmürdü. – Görərik, – dedim. – Biz görməsək də bizdən sonra gələnlər görərlər. Vəliəhdin həqir və solğun karvanı gəlib keçirdi. Biz də bu karvanın dalınca faytonumuzu sürüb şəhərə qayıtmışdıq. * * * Sərdar Rəşidin son macərası Sərdar Rəşid hökumət işlərini vəliəhdin peşəkarı Nizamülmülkə təhvil verib qurtarmışdı. Artıq o hökumət başında deyildi, o, Azərbaycanda bir işə təyin edilmək arzusunda olsa belə, həm vəliəhd, həm də Nizamülmülk ona Azərbaycanda iş vermək istəmirdi. O, Təbrizdən getməyə hazırlanırdı, lakin buna baxmayaraq, sanki o, Təbrizdə mühüm bir hadisə yaratmaq üzərində çalışırdı. Daim yüksək rütbəli çar çinovnikləri, qoşun rəhbərləri, yüksək çinli zabitlər və sairələrlə əlaqədə idi. Sərdar Rəşid bu cür adamları tez-tez evində qonaq edir və özü də bəzən onların evinə qonaq gedirdi. Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi. Polkovnik Berezovskinin sərdar Rəşidlə tanış olması və onun sərdar Rəşidlə nahar süfrəsində oturub içməsi bizə qarşı düzələn bir sui-qəsdin zəminəsi demək idi. Sərdar Rəşid sui-qəsdi əvvəlcə Tütünçüoğlundan başlamışdı, çünki o, Mahrunu özü ilə bərabər Təbrizdən aparmaq istəyirdi. Mahru isə Əsədə bağlandığı üçün Təbrizdən heç bir tərəfə getmək istəmirdi. Sərdar Rəşidin planları bundan ibarət idi: o, Tütünçüoğlunu polkovnik Berezovski vasitəsi ilə həbs etdikdən sonra həm Mahru azad olacaq, həm də kiçik işgəncələr nəticəsində Tütünçüoğlu gizli komitənin sirlərini açmağa məcbur olacaqdı. Bu məqsədlə sərdar Rəşid nahar əsnasında Berezovskinin qarşısına belə bir məktub qoymuşdu: €Cənab polkovnik! Mən hökumət başından çəkildiyimə baxmayaraq, yenə də sabiqdə olduğu kimi, imperator hökumətinə olan nökərçilikdə davam edirəm. Hərgah mən indiyə qədər Təbrizdə çalışan gizli əlləri aşkara çıxara bilməmişəmsə, bunun da səbəbi çar konsulxanasından həqiqi köməklik ala bilmədiyim idi. Lakin buna baxmayaraq, yenə də bəzi sirləri öz kəşfiyyatçılarım və sadiq dostlarım vasitəsilə əldə edə bilmişəm. Mənə yetişən xəbərlərə görə Təbrizdə işləyən gizli təşkilatın rəhbəri xTütünçüoğlup ləqəbi ilə məşhur olan Əsəddir. Hərgah onu həbsə alıb bir az işgəncə vermiş olsanız, o bütün təşkilatı sizin əlinizə verə bilənə. Sərdar Rəşid yenə də nicatını ruslarda arayırdı. Lakin sərdar Rəşid çar diplomatlarının vəfasızlığını indi-indi anlayırdı, çar diplomatları Rusiya mənfəətinə işləyən heç bir casusu xoşbəxt etmədiyi kimi, sərdar Rəşidi də xoşbəxt etmədilər. Vəliəhd Təbrizə gələn gündən bəri çar konsulu sərdar Rəşidi tanımamağa başladı, çünki vəliəhdin sərdar Rəşiddən acığı gəldiyini konsul layiqincə bilirdi. Buna görə də vaxtilə çarın gözünün işığı sayılan bir namussuz hazırda çar konsulunun tamamilə yadından çıxmışdı, çar konsulu öz dostlarını vəliəhdin məiyyəti içərisində aramağa başlamışdı. Hər halda Berezovski Tütünçüoğlunu həbsə almaq üçün əmr vermişdi. Buna görə də mən işləri sahmana salana qədər Tütünçüoğlunun gözə görünməməsini tapşırmışdım. Berezovski ilə fürsət tapıb danışmaq istəyirdim. Biz son vaxtlar polkovnik Berezovskinin bir çoxlarını çar əleyhdarlığında töhmətləndirib tutduğunu və min tümən alıb buraxdığını eşitmişdik. Rus qarovul postlarının yanından keçənlərin, Culfa-Təbriz şose yolunda tutulanların hamısı Berezovskinin vasitəsilə müəyyən para müqabilində buraxılırdı. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. Tacirlərin tamahkarlıqda məşhur olanlarına: «Sən lap Berezovskisən ki?b) – deyə təhqir edirdilər. Hər nə olursa-olsun mən Tütünçüoğlunu bu macəradan qurtarmaq üçün rüşvətxor polkovniki görməli idim. Məşədi Kazım ağadan po!kovnikin nə kimi hədiyyə ilə maraqlandığını soruşdum. O, çar konsulunun təchizat işləri ilə məşğul olduğundan, Berezovski ilə hər gün və hər saat görüşə bilirdi, lakin Məşədi Kazım ağa vasitəsi ilə heç bir iş gömək olmazdı. O, çar rüşvətxoruna necə yanaşmağı bacarmazdı. Bir axşam Məşədi Kazım ağa ilə söhbət etdiyim zaman o, Berezovskinin nə ilə çox maraqlandığının barəsində söhbət açıb: – Ona yaxşı bir at lazımdır. Özü də ağ at olmalıdır, – dedi. – Nə üçün ağ at?/ Başqa rəngdə olmazmı? – Yaxşı bir ağ atı var idi, xəstələnib ölmüşdür, buna görə ağ at istəyir, çünki mənsub olduğu polkun atları da tamamilə ağdır. Mən bir neçə gün tanış adamlar vasitəsilə harada yaxşı ağ at olduğunu soraqladım. Nəhayət, Qafqazlı Məşədi Hacıda gözəl bir at olduğunu xəbər verdilər. Dalınca adam göndərib çağırdım. O, çox məmnuniyyətlə atı bizə hədiyyə verməyə hazır olduğunu söylədi və bu təklifin «təbrizli təklifə olmadığını da əlavə edərək, bizi güldürdü. O, məşhur araba işlədən Məşədi Hacı idi. Səttar xan zamanında inqilaba xidmətləri olmuşdu. Atı gətirdilər, doğrudan da, at Təbrizdə misli görünməyən bir at idi: bu atın vasitəsilə Berezovskini ələ almaq mümkün olacaqdı. At bizim əlimizə çatandan bir gün sonra mən Berezovskidən bir məktub aldım, o məni öz yanına çağırmışdı. Səhər saat 11-də mən Məşədi Kazım ağanın faytonuna oturub onun yanına getdim. Onun qapıçısı mənim gəldiyimi ona xəbər verdi, az sonra məni qəbul etdi. İçəri girib salam verdim və papağımı götürüb, oturmaq üçün onun icazəsini gözləyirdim. Berezovski mənim üzümə baxıb, çox mülayim bir surətdə: – Rica edirəm, hərgah mənə nisbət bir xidmətiniz varsa, bir az səbir ediniz. Bir nəfər iranlı tacir vardır, onunla görüşəndən sonra sizi qəbul edərəm, – mən üzr istəyərək, dışarı çıxdım. Mənim dalımca o, soldatını çağıraraq, taciri içəri buraxmağı əmr etdi. Soldatın ona nə dediyini bilmədim, ancaq bir neçə saniyədən sonra Berezovskinin dalımca dəhlizə çıxdığını gördüm. O mənim qolumdan tutaraq: – Buyurun, - deyə kabinetə apardı. Oturduq, yenə də səmimi söhbətlərə başladı və ailəsinə xidmət göstərdiyimdən razılıq etməklə bərabər dedi: – 14-cü ildə türklər Təbrizə gəldiyi zaman böyük bir fəaliyyətlə Təbrizi müdafiə etdiyinizi mən də bilirəm, lakin təəssüf edirəm ki, qardaşınız sizin göstərdiyiniz xidmətlərin əksini göstərir. Onun gizli fəaliyyəti bizim hərbi dairələrin ciddi cəza tədbirləri görməsinə səbə» olur. Mən bir papiros yandırmaq üçün icazə istədikdə o, qutusunu mənə uzatdı, mənsə təşəkkür edərək öz papirosumdan birisini yandiri» ona sual verdim: – Mənim qardaşımın xain olduğu haqqında cənab polkovnik təhqiqat apartdırmışdırmı? – Xeyr, – polkovnik dedi. – Çünki onu tapa bilmirik. – Məncə, təhqiqatı həbs etdirmədən qabaq aparmaq lazımdır. Məncə, bu da çətin deyil, Bir kərə mənim qardaşımın xain olduğunu xəbər verən adamdan isbat və vəsiqə soruşmalısınız. Bunu soruşmusunuzmu? – Xeyr! Bunu xəbər verən elə bir adamdır ki, vəsiqə və isbat soruşmağa haqqımız yoxdur. – Siz bu xəbərin şəxsi-qərəzlikdən doğmadığını haradan bilirsiniz? – Bəs siz bunun şəxsi-qərəz olduğunu nə ilə isbat edə bilərsiniz? – Mənim qardaşının barəsində sərdar Rəşiddən başqa heç bir kəs bu iftiranı toxuya bilməz, çünki mənim qardaşım onun öz bacısına evlənməsinə mane olur. Polkovnik bu sözləri eşidərkən qalxıb bir də oturdu və sürətlə sual verdi: – O bacısına evlənir? – Onun evindəki qız vaxtı ilə Abşeron alayının rəisi mərhum Smirnova ərə getmişdi. Smirnovdan sonra qız mənim qardaşımı sevir, sərdar Rəşid isə qıza mane olur və onsuz yaşaya bilməyəcəyini söyləyir. Qız onun bacılığıdır, bunu qızın özü söyləyir, lakin bütün Təbriz qızı onun doğma bacısı hesab edir. Hazırda o qızı özü ilə bərabər Tehrana aparmaq istəyir. Qıza gəldikdə, o mənim qardaşımı buraxıb getmək istəmir. Mən sizdən çox rica edirəm ki, ondan sübutlar tələb edin, hərgah o bunu isbat edə bilərsə, mən öz əlimlə qardaşımı gətirib sizə təslim edə bilərəm. Bizi konsul cənabları da çox yaxşı tanıyır, o, Təbrizdə ancaq bizə inanır. Berezovski bir az düşündükdən sonra: – Mən sizə inanıram. Sərdar Rəşid şərəfsiz adamdır... O, çar hökumətinə xain olan alçaq bir adamdan daha alçaqdır, çünki çar hökumətinə xain olan hər bir kəs, onu öz vətəninə bir xidmət hesab edir, lakin sərdar Rəşid kimi adamlar öz məmləkətinin xainidir, yalan xəbər verən adam isə daha da alçaqdır. – İndi siz mənə inandınız ki? – İnandım. Lakin bunu sərdar Rəşidə eşitdirməməlisiniz. – İndi cənab polkovnik buyursun görək, məni nə üçün çağırmışdır? – Mənim alayımın atları tamamilə ağ atlardır, mənim özümün də gözəl bir atım var idi, xəstələnib öldü, çoxdan bəri bir at axtarırdım. Məşədi Kazım ağa sizdə gözəl bir at olduğunu mənə xəbər verdi. Bizim ruslarda belə bir qayda vardır: iki şeyi istəmək yaxşı deyil. Onlardan birisi sevgili at, ikincisi isə halal arvaddır. Bunun üçün də üzr istəyirəm, hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın. – Bizim müsəlmanlarda da gözəl bir xasiyyət vardır. Onlar gözəl atı ancaq yaxşı dostlarına rəva görərlər, – dedikdə o qalxıb əlimi sıxdı və: – Ümidvaram ki, biz səmimi dost olacağıq, – dedi, – Ancaq atın qiymətini buyurmalısınız. Mən: – Cənab polkovnik, hədiyyə veriləni ancaq hədiyyə verərlər. Bu atı bir nəfər dost mənə hədiyyə vermişdir. Mən də onu bir nəfər dostuma hədiyyə verirəm. Bu saat kağız verim gedib atı gətirsinlər, – deyə qələmi götürüb bloknotumun səhifəsində yazdım. €Bu kağızı gətirən soldatla mənim ağ atımı göndərin. Əbülhəsənbəyəp. Kağızı polkovnikin soldatına verdim, bu zaman polkovnik Brezovski də mənə bir kağız uzatdı: € Əbülhəsənbəyin qardaşı Əsəd haqqında verilən xəbərlərin əsli olmadı, Əsəd hər cür həbs və cərimədən azaddır. 10 aprel 1916 P.Berezovskib. Tütünçüoğlü Əsədin azad dolanması və onun sərdar Rəşidin evinin ətrafında görünməsi sərdar Rəşidin düzəltdiyi macəranın baş tutmamasını ona göstərdi. Sərdar Rəşid bu macəradan ümidini kəsdikdən sonra Mahrunu xalxallı Əmir Əşairin qaynı Mükərrəmisoltana vermək və rus casusu olan bu qolçamağın himayəsi ilə özünü düşdüyü həqarətdən qurtarmaq istədi. Lakin Mükərrəmisoltan qızın Əsəd Tütünçüoğluna nişanlı olduğunu və Əsədin bizimlə yaxın münasibətdə olduğunu eşitdiyi üçün sərdar Rəşidin təklifini qəbul etmədi. Həmin bu günlərdə sərdar Rəşid telefon edib mənimlə görüşmək istədiyini söylədikdə, «vaxtım yoxdur?, deyə onu rədd etdim. Sərdar Rəşid Mahrunun Əsədlə görüşməsinə daha maneə törədə bilmirdi. Əsəd hər gün telefon edib Mahrunu çağırır və Məşədi Kazım ağanın faytonu ilə şəhərdə gəzməyə aparırdı. Bəzən Mahru Ninanın evində də gecələyirdi, sərdar Rəşid isə ancaq onun bizdə olub-olmadığını soruşmaqla kifayətlənirdi. O qaçacaq idi, lakin onun Tehrana qaçması bizi məhv edə bilərdi, çünki o, Təbrizdə olan bütün işləri rus səfirinə xəbər verəcək və bununla da öz mövqeyini bərpa etməyə çalışacaq idi, buna görə də gizli komitədə onu məhv etməyi qərara almışdıq. Lakin Təbrizdə yox, çünki onu Təbrizdə məhv etmək ruslara meydan oxumaq kimi məna edilə bilərdi, onda çar konsulu təbrizlilərin rus casuslarını terror etdiklərini bəhanə edib cəza tədbirləri görə bilərdi. Buna görə də onun Təbrizdən çıxmasını gözləyirdik. Gecə-gündüz qapısına qarovul qoymuşduq. iki nəfər atlımız daim səfərə hazır idi. Sərdar Rəşid hansı tərəfə getsəydi, atlılarımız onun dalısınca gedəcək və mənzillərin birisində onu edam edəcəkdi. Aprelin on beşində sərdar Rəşidin qapısında qarovul duran Cümşüd telefonla xəbər verdi ki, gecə saat 11-də sərdar Rəşidin evindən bir çarşablı qadın faytona oturub getdi. Mən bu telefonoqrammanı alan kimi sərdar Rəşidin evinə telefon etdim, azdan sonra Mahru telefona gəlib danışdı, mən ona sual verdim: – Sərdar Rəşid evdədirmi? – Xeyr, evdə deyil, bir saat əvvəl konsulxanaya gedəcəyini söylədi. – Sizin evinizlən çarşablı qadın çıxıb faytona oturmuşdurmu? – Nə bu gün, nə də dünən bizim evimizdə qadın olmamışdır. – Sənevi yaxşı nəzərdən keçir, evinizdən bir nəfər çarşablı qadın faytona oturub getmişdir. – Səbir edin, yoxlayım! Mən telefonda on beş dəqiqəyə qədər gözlədim, nəhayət, Mahru telefona gəldi və: – Xain qaçmışdır! O məni çarşabımı örtüb getmişdir. Özü ilə bərabər ingilis və Amerika kağız pullarını götürüb aparmışdır. Stolun üstündə məktub qoymuşdur, faytonu göndərin bu saat məktubu gətirim. Mən Məşədi Kazım ağanın faytonunu təcili surətdə Əsədlə bərabər göndərdim, bir saatdan sonra Mahru gəlib, sərdar Rəşidin yazdığı məktubu gətirdi: «Əzizim Mahru! Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim. Lakin ətrafımı düşmənlər aldığı zaman sən də onlara qoşuldun, sən də mənim məhvimə çalışanlarla əlbir çalışmağa başladın, buna görə də mən Təbrizdə qala bilmədim. Mən evdən ancaq bir qədər kağız pul götürdüm, hər bir şey öz yerindədir. Sənə vəsiyyət edirəm: hər kəsə ərə gedirsən get, lakin o quldur dəstəsinin fəal bir üzvünə ərə getmə, çünki mən onları rahat buraxmayacağam, onlar mənim səadətimi, rütbə və mövqeyimi əlimdən aldılar, mən də onları məhv etmək üçün gedirəm. Xoşbəxt olmaq istəyirsənsə, ona ərə getmə! Onları böyük bir fəlakət gözləyir, mən Tehranda özümə köməkçi tapa bilərəm. Ev-eşikdən göz-qulaq ol! Ərdəbilli nökərlərə etibar etmə! Tezliklə məktubumu alarsan, o zaman sənin də təklifin müəyyən edilərə. Məsələ aydın idi, sərdar Rəşid Tehrana qaçmışdı. Onu təqib etmək lazım idi. Cümşüd və Fəraməzi çağırdım, onların hər ikisi sərdar Rəşidin işini bitirməyi bacarardı, onlara çox qısaca tapşırdım: – Hərgah sərdar Rəşid Tehrana gedə bilsə, onu Tehranda da məhv etməlisiniz! – dedim. Onların atları yəhərlənmişdi, hər bir şey hazır idi, gecə saat 2-in yarısında xurcunları atların tərkibinə salıb yola düşdülər. Mahru dərin və azad bir nəfəs aldı, mənim onu tanıdığımdan bu günə qədər birinci kərə olaraq qaşlarını gözlərinin üstündən qaldırdığını və ətrafına baxdığını gördüm. O ağlaya-ağlaya mənə sual verdi: – Mən öz azadlığıma inana bilərəmmi? – İnana bilərsən, sənin on ildən bəri gördüyün həqarətlər bu saatdan etibarən bitmiş oldu. Mahru bacı, sənə verdiyimiz vədələr yalan deyildi, sən özün azad oldun, bundan sonra da bütün İran qadınlarının azadlığı yolunda çalışmağı öhdənə götürməlisən. Mahru sevindiyindən hönkür-hönkür ağlayırdı. O öz sevgili əri Smirnov öləndə və sərdar Rəşid tərəfindən birinci dəfə təhqir olunanda belə ağlamamışdı, lakin azadlıq xəbəri onun başının çanağında illərdən bəri yığılıb qalmış çeşmənin qapısını açdı və mən bu zaman azadlığın nə qədər qiymətli olduğunu bir daha hiss etdim! Nina da Mahrunun qara saçlarını sığalladığı zaman ağlayırdı. Tütünçüoğlu Əsəd isə ayaq üstündə durub baxır və düşünürdü. Mən vəziyyəti dəyişmək istədim və Mahruya sual verdim: – Sən o evdə qalmaq istəyirsənmi? – İndi və yainki gələcəkdə? – Xeyr, gələcəkdə. – Onun varisləri vardır, mənim ona varis olmaq səlahiyyətim yoxdur. – Onda hər bir ehtimala qarşı hazırlanmalısan. Mahru mənimnə demək istədiyimi dərhal hiss etdi və cavab verdi: – Şübhə yoxdur ki, bir hadisə baş verdikdə onun varisləri məni evdən çıxaracaqlar. – Mənim dediyim budur, sabahdan etibarən onun nökərlərinin və ev xidmətçilərinin maaşlarını verib hamısını buraxasan, çünki onlar evdə qaldığı təqdirdə sən heç bir iş görə bilməzsən. Sözümü anladın ki? – Bəli, anladım. – İndi bu saat Təhminə xanım ilə bərabər faytona oturub gedin, nə qədər ki, nökərlər oradadır, Təhminə xanım sizdə qalsın, sonra vəziyyəti təyin edərik. Saat 2-də Tütünçüoğlu onları faytona qoyub evlərinə yola saldı. * * * Sərdar Rəşid Təbrizi satdı Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı: Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil. Mən bunları sizə misal üçün yazdım, onun gördüyü işləri saymaq üçün uzun vaxt lazımdır. Mən ümid edirəm ki, Tehrana xəbər çatıncaya qədər siz o caniləri həbsə alıb cəzalandıracaqsınız. Əksinə olursa, sizin özünüz məsulsunuz...) Sərdar Rəşidin bu məzmunda yazdığı məktub on səhifədən ibarət idi. Berezovski bu məktubu alan kimi dünyası dəyişdi, vücudu titrədi, nə edəcəyini bilmədi, oturduğu kürsüyə söykənib beş dəqiqəyə qədər düşündü, nəhayət, telefonun dəstəyini götürüb alayın qərargahını səsləmək və Əbülhəsənbəylə Tütünçüoğlunun həbs olunmasına əmr vermək istədi. O, dəstəyi götürüb, bir neçə dəqiqə əlində saxladı, dodağını dəstəyə yaxınlaşdırıb danışmaq istədi, lakin yenə də başını geriyə çəkdi, bu vəziyyət bir neçə dəqiqə davam etdi. Nəhayət, o, dəstəyi yerinə qoyub kürsüyə dayandı, vəziyyətin ağırlığı onu sarsıtdı. Çar iandarmı çıxılmaz vəziyyətdə qalmışdı. O nələri düşünürdü?) O bilirdi ki, çar fandarmı yeddi ildən bəridir gizli təşkilatı əldə etmək üçün nə qədər çalışmışsa da, bir iş görə bilməmişdir. Hazırda bu təşkilatı əldə etməklə o, çar hökumətinin böyük bir mükafatına nail olacaqdır. Berezovski o biri tərəfdən də Əbülhəsənbəyin öz ailəsinə göstərdiyi qərəzsiz, minnətsiz, təmənnasız yaxışılıqları düşünür, onları bir-bir öz nəzərindən keçirir, ölçür və biçirdi. Əbülhəsənbəy onun ailəsinə yalnız pul köməyi verməklə kifayətlənməyərək, onun gözəl arvadını, gözəl və misli olmayan qızlarını da fahişəlikdən və namussuzluqdan qorumuşdu. Berezovski alacağı mükafatla bütün yaxşılıqları bir yerə qoyub müqayisə edirdi, lakin heç vəchlə bu çətin vəziyyətin altından çıxmağı bacarmırdı. O, gizli təşkilatı həbsə almaqdan vaz keçməklə yalnız əldə edəcəyi mükafatı deyil, öz vəzifəsini də itirəcək və çar hökuməti tərəfindən cəzalanacaqdı. Nəhayət, Berezovski andarm vicdanı ilə bəşəri vicdanı bir yerə qoyub onların da üzərində uzun zaman düşündü. /andarm vicdanı qalib gəlirdi, o öz-özünə: «Mən bir şərqlidən ötrü ömrüm uzunu qazandığım nüfuzu itirə bilərəmmi? – dedi. – Hansı axmaq bu qədər böyük bir müvəffəqiyyətin üzərindən soyuqqanlılıqla keçə bilər? Telefonun dəstəyini götürdü, lakin danışmağa cəsarət etmədən, onu dodaqlarında saxladı, yenə də oturdu və öz-özünə sual verdi: €O bir şərqlidir, biz onları vəhşi və mədəniyyətsiz hesab edirik. Vəhşi asiyalı bir avropalını, eyni zamanda ehtiyac qarşısında qalan bir ailəni müdafiə üçün minlərlə manat parasından keçir. Bəs buna qarşı bir avropalının vəzifəsi nədir? Mən onu həbs edimmi? Mən onun üzünə bir insan kimi baxa bilərəmmi? Sonra da Berezovski Əbülhəsənbəylə birinci görüşündə dediyi: eMən arzu edirəm o qədər yaşaya biləydim ki, sizin bu yaxşılıqların əvəzini sizə yetirməyə bacaraydıml? sözlərini xatırlayırdı. Dəstəyi yerinə qoydu, evi dolanmağa başladı. Saatına baxıb gecə saat 1-ə işlədiyini gördü, saatı cibinə qoyub bir daha telefona yanaşdı, dəstəyi götürüb cəsarətlə danışdı: – Əbülhəsənbəyin evidirmi? Danışan Əbülhəsənbəydirmi? Bu saat bizə gəlməlisiniz. Sizinlə danışmalı vacib bir iş vardır, tez gəlin, – deyərək dəstəyi yerinə qoydu. ALİ. Mən Berezovskinin evinə gecə saat 2-in yarısında getdim. Getməyimi evdə ancaq Məşədi Kazım və Ələkbər yoldaş bildi, çünki telefon zəng vurduğu zaman biz birlikdə oturub söhbət edirdik. Faytonu qoşdurub yola düşdüm, erməni məhəlləsində dayanıb məsələni Arşaka xəbər verdim və onun hər ehtimala qarşı hazırlıq görməsini tapşırdım. Mən Berezovskinin otağına girən kimi vəziyyəti yaxşı görmədim, onun əlimi sıxdığı zaman vücudunun titrədiyini hiss etdim. Gülüşləri və məni qəbul etdiyi zaman danışdığı sözləri də onun özündə olmadığını göstərirdi. Mən görüşüb oturduqdan sonra da o evi dolanır və fikirləşirdi. Hərdənbir dönüb mənim üzümə fikirli halda baxır və bığlarını tumarlayatumarlaya o tərəf-bu tərəfə gedirdi. Mən hər şeyi hiss edirdim, çünki sərdar Rəşid Təbrizdə bizə qarşı bir macəra yaratmadan çıxıb getməyəcəkdi. Berezovski ara-sıra mənə baxdıqda öz əlinə keçən yağlı şikar haqqında düşünür və bu şikardan nə qədər qazanacağı barəsində fikirləşirdi. O gəlib oturdu, papiros qutusunu götürüb mənə uzatdı, bir papiros götürüb yandırıb çəkdim, birisini də özü alışdırıb dişinə aldıqdan sonra. – Belədir, hörmətli ata! – dedi. – Biz çox zamandan bəri çar hökumətinin axtarıb tapa bilmədiyi gizli əlləri sıxıb onunla dostluq etmişik. Mən buna çox təəssüf edirəm, çünki bu dostluq nə sizin, nə də bizim üçün müsbət bir nəticə ilə qurtarmadı. Bu dostluq hər iki tərəfin həyatına qarşı bir təhlükə şəkli aldı. Mənim aldığım məlumata görə özünü imperator hökumətinə dost göstərən bir adam illərdən bəri Təbrizdə imperatorun nüfuzu əleyhinə gizli təşkilatlar düzəldirmiş. Mən yeddi illik böyük və gizli bir hərəkatın rəhbəri ilə göz-gözə öz vəzifəm və məsləkim əleyhinə olaraq çalışırmışam. Əlbəttə, siz mənim şəxsimə qarşı və mənim ailəmə qarşı gözəl bir insan kimi hərəkət etmişsiniz, lakin dövlətə və hökumətə qarşı, daha açığı, bizim xidmət etdiyimiz üsuli-idarə əleyhinə də çox dəhşətli və misli görünməyən bir düşmənsiniz. Təbrizdə terrorların, edamların, nümayişlərin, intibahnamələrin, çar hökumətinə qarşı bütün təşəbbüslərin başçısısınız. Siz xalqın evindan arvadını oğurlatdırıb illər uzunu həbsə alırsınız. Siz bütün konsulxanalardan gizli adamlar vasitəsi ilə məlumat alırsınız. Siz Səttar xanın ən yaxın adamısınız. Eyni zamanda siz mədəni, mərhəmətli, zəngin təbiətli və nəcib bir şəxsiyyətsiniz. Məni çıxılmaz vəziyyətdə qoyan cəhət də, məhz son dediyim cəhətlərinizdir. İndi deyin görüm bir nəfər çar xidmətçisinin, daha açığı, bu iş üçün ali dairələrdən təyin edilən zatın vəzifəsi nədir? Məsələ mənim üçün tamamilə aydınlaşdı, bu məlumatı çar )andarmına sərdar Rəşiddən başqa heç bir kəs verə bilməzdi. «Xalqın arvadını oğurlatdırırsınız? sözü də İraidanın aparılmasına işarə idi, çünki sərdar Rəşid bunu daim bizdən şübhələnirdi. Lakin mən onu da bilirdim ki, sərdar Rəşidin Berezovskiyə verdiyi bu məlumat ancaq quru sözlərdən ibarətdir, çünki sərdar Rəşidin əlində heç bir yazılı vəsiqə ola bilməzdi. Biz işimizi çox ehtiyatlı tutmuşduq. Lakin buna baxmayaraq, quru məlumatın özü də bizim üçün böyük təhlükə idi. Əvvəla biz bununla həbsə alınacaq idik, çar Pandarmı, bu təqsirləri bizə yamaya bilməsə belə, yenə də bizi Təbrizdə azad buraxmayacaqdı. İkinci, Ninanın konsulxanadan qovulacağı, bəlkə də, həbsə alınacağı şübhəsiz idi. Üçüncü, mənim mənsub olduğum bütün adamlar məhv ediləcək və sürgünə göndəriləcəkdi. «Qorxmaq fayda verməzlə düşündüm və çar iandarmına bir sual verdim: – Sizə belə bir məlumatın verildiyinə şübhə etmirəm, lakin buyurun görüm cənab polkovnikin özü buna inanırmı? Bir nəfər adam bu saydıqlarınızı bacara bilərmi? Yaxud sizə verilən məlumatı sübutedici sənədlər vardırmı? – Mənim sözüm nə isbatedici sənədlərdə, nə də məlumatın doğru olub-olmamasında deyildir, məqsədim sizə bu təhlükənin hər iki tərəf üçün ağır olduğunu bildirməkdir. Bu məlumatı bir nəfər adi fandarm vermiş olsaydı, bəlkə də, təhlükənin qarşısını almaq mümkün idi. Lakin bu məlumatı verən adam kiçik adam deyil, o bir neçə gündən sonra Tehranda mənim gələcəyim üçün edam cəzası verdirəcəkdir, çünki mən sizin qardaşınız haqqında verilən məlumatı nəzərə almayaraq, öz vəzifəmin xaini kimi sizə güzəştə getmişəm, sərdar Rəşidi tanıyırsınızmı? – Çox gözəl tanıyıram. – Onun arvadını oğurlatdıran siz deyildinizmi? – Siz onun arvadının kim olduğunu və onun əlimə nə cür düşdüyünü bilirsinizmi? – Xeyr, bilmirəm. – Onu eşitməyə, az da olsa, vaxtınız vardırmı? – Buyurun! – Sərdar Rəşidin evindən oğurlanan qız İraida adlı bir latış qızıdır. O mənim yaxın tanışımın bacısıdır. Onu sərdar Rəşidə verən nə mən, nə də onun bacısı deyildi. Bu qızı da bir çox rus qızları kimi konsulxana istədiyi adamların və qadın düşkünlərinin sərəncamına verib onların vasitəsilə iş görməyə çalışırdı. Sərdar Rəşid İraidanı bir qadın kimi yox, öz nüfuzunu möhkəm etmək və çar zabitlərinin dostluğunu qazanmaq üçün bir alış-veriş mətaı kimi saxlayır və onu istədiyi adamların şəhvətini söndürməyə məcbur edirdi. Siz indi özünüz mühakimə edin, o zaman mənim vəzifəm nə idi? – Sizin bu söhbətləriniz çar konsulxanasına qarşı bir böhtan və bir təhqir deyildirmi? Çar iandarmı bu sözü deyəndən sonra mən əlimi cibimə aparıb üç məktub çıxartdı. Məktubun birisi talış xanı Sarimissoltan tərəfindən Berezovskinin kiçik qızı Silvanın adına yazılmışdı. Məktubun içərisindən başqa bir məktub da konsulxana tərəfindən Berezovskinin arvadı Yelenaya yazılmışdı. Həmin məktubda konsulxana Silvanın Sarimissoltana ərə getməsini və bu izdivacla həm Silvanın xoşbəxt olacağı, həm də çar hökuməti lehinə böyük bir vəzifənin ifa olunacağı göstərilirdi. Nəhayət, məktubun birisi də onun böyük qızının adına Məmmədəli Mirzənin sabiq mirzələrindən biri Hümayun tərəfindən yazılan məktub idi. Burada konsulxananın da bu izdivaca razı olacağı bildirilirdi. Üçüncü məktub onun arvadının adına göndərilən məktub idi. Bunu da məşhur çar agenti, qaraməlikli Usta Bağır yazmışdı. Məktubların üçü də rusca yazılmışdı. Berezovski bunları diqqətlə oxuyub stolun üstünə qoyduqdan sonra mənə sual verdi: – Bu məktublar sizin əlinizə haradan düşübdür? – Bunları mənə verən sizin arvadınızdır, çünki siz Təbrizə gəlməzdən qabaq onlar mənim himayəmdə idilər. Onların namusunu müdafiə etmək mənim öhdəmdə idi. – Mənim ailəm bu cür əxlaqsızlığa təslim oldumu? – Xeyr, onlar təslim olmaq istəsəydilər, bu məktubları mənə göstərməz və kömək istəməzdilər. – Siz onlara kömək verdinizmi? – Siz bunu ailənizdən xəbər ala bilərsiniz! Bizim köməyimiz olmasaydı, onlar öz məqsədlərini zorla həyata keçirəcəkdi. Lakin biz evimizin ətrafında qarovul qoyduq və məktub sahiblərini o ki lazımdır döydürüb erməni məhəlləsinə girmələrinə imkan vermədik. Sizin qapınızda döydürdüyümüz Sarimissoltan hələ də xəstədir. Jandarm mənim üzümə çox təəccüblə baxdı və: Bunların hamısına inanıram, əsas məsələ bunlarda deyil, mənim sizə dediyim vəziyyətdən nə cür çıxmaq məsələsidir. – Siz sərdar Rəşidin yazdıqlarına inanırsınızmı? – İnanıram, yüz faiz inanıram. – Bu qədər işlərin öhdəsindən bir tək adamın gəlməsinə də inamınız vardır? – Bəli, inamım vardır. Sizin bacarıqlı adam olduğunuza inanıram. – İndi ki, siz ğuna inanırsınız, mənim deyəcəyim qısa bir cümləyə də inanın! Bu qədər ağır işlərin öhdəsindən gələn bir adam sizi də ağır vəziyyətin altından çıxarmağı bacarar! – İnanıram! Lakin sərdar Rəşid Tehrana getdi, o mənə yazdıqlarını Tehranda rus səfiri Etterə xəbər verəcəkdir. – Mən sizə söz verirəm, sərdar Rəşid Tehrana getməyəcəkdir! Bu sözümdən sonra fandarm dərin bir nəfəs aldı. * * * Alış-veriş Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi. Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi... Birinci ixtilaf Ərdəbil qubermatorluğu üzərində başlandı. Nizamülmülk Ərdəbil qubernatoru Müqtədirüddövləni götürüb yerinə Mükərrəmüddövləni təyin etmək istəyirdi. Çar konsulu bunu qəti surətdə etiraz etdi, çünki Müqtədirüddövlə Ərdəbildə Rusiya mənafeyi üçün işləyən sadiq nökərlərdən biri idi. Çar konsulu Nizamülmülk ilə olan görüşündə deyirdi ki: «Hərgah Mükərrəmüddövləni Ərdəbilə təyin etmiş olsanız bizim qoşunlar onu Ərdəbilə buraxmayacaqdırə. Lakin o biri tərəfdən də çar konsulu bu ixtilafı dərinləşdirmək istəmirdi, çünki xariciyyə naziri Sazonov hələ vəliəhd Təbrizə gəlməzdən qabaq 2 aprel tarixli teleqramında vəliəhd və onun ətrafında gələnlərlə dostanə əlaqə düzəltməsini tapşırmışdı. Buna görə də konsul Tehranda Rusiya səfirinə göndərdiyi 11 aprel tarixli məktubunda yazırdı: €Nizamülmülk Mükərrəmüddövlədən on min tümən alıb onu Ərdəbil qubernatoru təyin etmək istəyir, mən məsləhət görürəm ki, həmin on min tüməni Müqtədirüddövlə verib öz yerində qalsın. Eyni zamanda vəliəhd ilə Nizamülmülk arasında da ixtilaf törəmişdi. Nizamülmülk hökumət işlərini öz əlinə alıb vəliəhdin bütün təşəbbüslərinə əngəl törətdiyi üçün vəliəhd Təbrizi buraxmağa qərar vermişdi. Nizamülmülk vəziyyəti Tehrana xəbər verdiyi və Tehranda da məsələnin Nizamülmülk lehinə həll olunduğu vəliəhdin Təbrizdə qalmaq marağını daha da söndürmüşdü. Nəhayət, vəliəhd: – Avtomobili hazır edin, gedirəm, – dedikdə bir tərəfdən Nizamülmülk, o biri tərəfdən də çar konsulu təşvişə düşmüşdü. İran hökuməti vəliəhdi Təbrizə göndərmək üçün çoxdan bəri çalışırdı. Vəliəhd çıxıb getdiyi zaman bütün zəhmətləri hədər getmiş olacaqdı. Eyni zamanda Təbriz konsulu da vəliəhdin köçüb getmək istəməsindən təşvişə düşmüşdü, çünki bununla ingilislər «ruslar vəliəhdin Təbrizdə yaşaması üçün şərait yaratmadılar? deyə Rusiyaya müraciət edəcəkdi. (Həmin bu günlərdə ingilislər İrandakı alman-osmanlı təbliğatını qırmaq üçün İran hökuməti ilə dostanə rəftar etmək tərəfdarı idi. Rusiya hökumətinin özü də İranı bitərəf saxlamaq və yaxud Rusiya-İngiltərə ittifaqına cəlb etmək üçün müzakirə aparırdı.) Bunları nəzərə alaraq, Təbrizə konsul və eyni zamanda Nizamülmülkün gizli təşəbbüsü nəticəsində Şəmsülimarəyə tacirlər, mollalar və əyanlardan ibarət bir heyət göndərilmiş və vəliəhdi Təbrizdə qalmağa razı salmaq üçün onlara tapşırıq verilmişdi. Bu heyət göndərilməzdən əvvəl general-konsul heyətə daxil olacaq adamları bir-bir öz yanına çağırıb bu barədə fikrini onlara söyləmişdi. Aprelin 18-də axşam saat dörddə Mirzə Ələkbər telefonla cənab general-konsulun məni öz yanına çağırdığını xəbər verdi. Mən konsulun yanına getdiyim vaxt oradan bir çox başqa adamların çıxıb getdiyini gördüm. Çar konsulu məni gördüyü zaman yenə də xidmətlərimi saydı, yenə də özünün minnətdar olduğunu söylədi və əsl məsələyə keçərək dedi: – Sizin məmləkətinizi böyük bir fəlakət gözləyir. Almaniya— Türkiyə təbliğatı İranı dünya müharibəsinə sövq etməyə və öz dostu olan Rusiya və ingilis hökumətlərinə qarşı çıxarmağa təlaş edir. Belə zamanlarda, ölkənizin bütün namuslu adamları gözüaçıq olmalı və hökumətin təşəbbüslərinə kömək göstərməlidir. Azərbaycanın sakit olması və iki hökumətin dostluğunun möhkəm edilməsi üçün gənc şahzadənin Təbrizdə olması mərkəzi hökumət tərəfindən düşünülmüş ən mühüm bir təşəbbüsdür. Lakin son günlər həzrət vəliəhdin Təbrizdə qalmaq istəməməsi bizim üçün heç gözlənilməyən bir hadisədir. Sabah həzrət vəliəhdin hüzuruna xalq tərəfindən bir heyət getməli, onun vücudunun burada lazım olduğunu ərz etməli və gənc şahzadəni Təbrizdə qalmağa razı salmalıdır. Bu barədə sizdən də rica olunur ki, həmin heyətin tərkibinə daxil olub, sabah Şəmsülimarəyə getməyə razılıq verəsiniz. Bu barədə konsula razılıq verdim. Bu təsadüf bizim üçün heç gözlənilməyən bir hadisə kimi idi. Biz çoxdan idi ki, Məmmədhəsən Mirzənin yanına yol tapmağa və onunla tanış olmağa çalışırdıq. Bizim onunla tanışlığımız, çar konsulu tərəfindən düzələn intriqalardan xəbərdar olmadığımız üçün böyük bir vasitə olacaq idi. Mən konsulxanadan çıxdıqdan sonra Məmmədhəsən Mirzəyə nə cür yanaşmaq lazım olduğunu fikirləşirdim. Təbrizdə deyildiyinə görə vəliəhd öz görüşünə gedənlərin əlinə baxır və onlardan hədiyyə gözləyirmiş, çünki bu ona ata-babasından miras qalmış bir adət idi. Vəliəhdlər daim mülkədarlar və tacirlərin verdiyi hədiyyələr hesabına yaşamağa adət etmişdilər. Onlar hədiyyə verilmədiyi və pula ehtiyac hiss etdikləri zaman cürbəcür bəhanələrlə istədiyi adamları cərimə edərdilər. Buna görə də mən konsulxanadan çıxıb evə gəlincəyə qədər və- Həhd üçün qiymətli bir hədiyyə aparmaq barəsində düşünürdüm. Evdə Məşədi Kazım ağa məni gözləyirdi. Ona məsələni anlatdım. O, beş min tümənlik bir bank çekini paket içərisində vəliəhdə təqdim etməmi məsləhət gördü. Mən ona razı olmadım, çünki ona pul verdikdə daima özünə pul lazım olduğu zaman bizə müraciət edə bilərdi. Ona qiymətli bir hədiyyə aparmağı qərara aldıq. Biz ona qiymətli bir saat bağışlamaq istəyirdik, lakin tanışlardan bir çoxu bunu artıq hesab etdi və onun nəqd pula ehtiyac hiss etdiyini və Tehrandan özü ilə bərabər gətirdiyi bir çox qiymətli şeyləri belə bir-bir satdığını əlavə etdilər. nə. Gündüz saat birdə verilən icazəyə əsasən Şəmsülimarənin qapısındaydıq. Siyahı üzrə bizi içəri buraxdılar. Abbas Mirzə dövründən qalan müşavirə salonuna daxil olduq. Mən bu salonla çox maraqlanırdım. Buranı 9-cu ilin axırlarmda görmüşdüm. O zaman bu salon öz əzəmətini itirməmişdi. Qacar şahzadələri XIX əsrin ortalarında tikilən bu binanın sənət və memariyyə nöqteyi-nəzərindən olan incəliyini saxlamışdı, lakin son zamanlar tanınmaz bir xarabaya çevrilmişdi. Şəmsülimarəni vəliəhdin Təbrizə gəlməsi münasibətilə təmir etmişdilər, lakin nə təmir üçün keçmişdəki ustaları, nə də rəngləri və qiymətli mozaikalara məxsus ləvazimatı tapa bilməmişdilər. Nadir şahın başındakı tac və tacın üzərindəki brilyantlar, Fətəli şahın kəmərinin toqqasını bəzəyən aləmşümal yaqut, Kərim xan Zəndin sarığının büküşləri, hətta Ağa Məhəmməd xanın acıqlı çöhrəsinin qarışıqları da əvvəlki kimi deyildi. Qolları qırılmış yüz şamlı çilçıraqlar, tavanda qanad-qanada çalıb «uçuşan pərilərə, qabartmaları qopan sütun başları, əlvan şüşəli pəncərələrin təzədən salınmış şüşələri, kəhrəba rəngli mərmərlərin sınıqları, tacir evlərindən gətirilən əmanət xalçalar, rəngindən, çöhrəsindən ehtiyac və yoxsulluq oxunan xidmətçilər, qəlyanlar, stəkanlar... hər şey deyirdi ki, Şəmsülimarə XIX əsrin əvvəllərindəki Şəmsülimarə deyildir. Salonda oturmaq üçün döşək əvəzinə təzə kürsülər qoyulmuşdu. Şahzadə Məmmədhəsən Mirzə salonda deyildi, heyəti vəliəhdin peşəkarı Nizamülmülk qəbul edirdi, hamının gözü vəliəhdin gələ- «əyi otağın qapısında idi. Saat ikidə şahzadənin gəldiyini xəbər verdilər. Hamı ayağa qalxdı, vəliəhd içəri girərkən: – Salaməleyküm, ağalar! – azərbaycanca dedi!. Heyət üzvlərini ayaq üstündə uzun dəqiqələr saxlamamaq üçün sürətlə gedib yerində oturdu və: – Ağalar, əyləşin, zəhmət çəkməyin! – dedikdə hamı oturdu. Şahzadə başı ilə cərgədə əyləşənləri bir daha salamladı və: – Ağalara qəlyan, çay gətirin! – deyə əmr etdi. Xidmətçilər əllərində qəlyan salona daxil oldular. Adət üzrə vəliəhd Təbrizə gəldikdən sonra təzədən təşkil olunmuş dEtizadiyyəə adlı musiqi dəstəsi də həyətdə çalırdı”. Mən gənc şahzadəyə diqqətlə baxırdım, onun oturuşu, baxışı və bütün hərəkəti əsir və təhqir olunmuş bir gənci xatırladırdı. Doğrudan da, şahzadə gülünc bir vəziyyətdə idi. O bir tərəfdən Tehran hökuməti, o biri tərəfdən də Azərbaycanı işğal etmiş olan çar konsulunun əlində oyuncaq idi. Bundan əlavə özünün peşəkarı hesab olunan Nizamülmülkün də işlərinə qarışmağa səlahiyyətdar deyildi. Mən onun simasını başdan-ayağa gözdən keçirdikdə: cAzərbaycanda ölmüş istiqlaliyyətin qəbri üzərində qoyulan bu şərəfsiz heykəl sönməkdə olan Qacar xanədanının son vəliəhdidirə deyirdim. " Məmmədhəsən Mirzə Təbrizdə Məmmədəli Mirzənin siğəsindən doğulmuşdu. Buna görə də Əhməd Mirzə padşahlıq mirasına ondan əvvəl nail olmuşdu. Məmmədhəsən Mirzə Təbrizdə böyüdüyü üçün daim azərbaycanca danışırdı. 2 Etizadiyyə musiqi dəstəsi bütün İranda musiqi sənəti sahəsində məşhur idi. Bu dəstə Etizadilsəltənə ləqəbi ilə çağrılan Məmmədəli Mirzə tərəfindən düzəldilmişdi. Vəliəhd nə papiros, nə də qəlyan çəkirdi. O, yanında oturan Nizamülmülk ilə istər-istəməz söhbət edirdi. Nəhayət, o, başını qaldiri» heyət üzvlərinə müraciət etdi: – Ağaların təşrif gətirmələrindən xeyli məmnun oldum, lakin ağaların nə məqsəd üçün gəldiyini bilmirəm. Vəliəhdin bu sözündən sonra Hacı Fərəc Sərrafın oğlu Hacı Mirzağa qalxıb baş əyib danışmağa başladı: – Heyət, həzrət vala vəliəhdə xalqın sədaqət və salamını yetirmək üçün hüzurunuza gəlibdir. Xalq özünü həzrət vala vəliəhdin təşrifi ilə məsud və bəxtiyar hesab edir. Mən vəliəhdin Hacı Mirzağaya nə kimi cavab verəcəyi ilə maraqlanırdım. Məncə, o, Hacı Mirzağanın çar təbəəsi olduğunu bilməmiş deyildi. Mən bu düşüncəmi bitirmədən vəliəhd Hacı Mirzağaya sual verdi: – Cənab ağa hansı xalqın salamını gətirmişdir? Bizim səmimi qonşumuz olan imperator təbəələrinin salamınımı gətirmişsiniz? Vəliəhdin bu sözü Rusiya hökumətinə qarşı bir düşmən kimi deməsinə baxmayaraq, Hacı Mirzağa onun nə dediyini anladı, buna görə də əllərini döşünə qoyub, başını əydi və yerində oturdu. Məclisə pozğunluq verməmək üçün ayağa qalxıb icazə istədim: – Həzrət vala vəliəhd icazə versəydi, heyətin nə məqsədlə gəldiyi barəsində bir neçə kəlmə ərz edərdim. Vəliəhd mənim İran taciri qiyafəsində olmağıma baxmayaraq, bir avropalı kimi ayağa qalxdığımı görüncə: – Buyurun! Buyurun... Cənab ağanı eşidirəm! – dedi. – Həzrət vala vəliəhdin hüzuruna gələn bu heyət Azərbaycanda yaşayan və sülh-səlaməti sevən bütün xalqların tərəfindən gəlmiş və onların sədaqətli salamını gətirdikləri gündən bəri bütün Azərbaycan xalqı ölkənin həqiqi bir hökumət iradəsi ilə yaşadığını hiss edir və bununla da şadlanır. Lakin son günlər xalqımız həzrət vala vəliəhdin Azərbaycanda qalmaq istəmədiyini eşitdiyi üçün bu heyəti sizin hüzurunuza göndərmişdir. Azərbaycan xalqı gənc şahzadəyə bir cəhətdən kömək göstərəcəyini və hərgah məmləkəti idarə etmək işində bir çətinlik vardırsa, o çətinliyi ümumi və müştərək qüvvətlə rəf edəcəyini vəd edir. Təbriz xalqı şahzadənin ata-babasına sədaqət göstərdiyi kimi, özünə və həmin köməyi göstərməyə hazırdır. Vəliəhd məni çox diqqətlə dinləyirdi, mən beş dəqiqəyə qədər danışdım, vəliəhd mənim cavabımda: – Həqiqətdə mən Təbriz xalqının köməyinə ümid bağlayaraq bu ağır vəzifəni boynuma götürdüm, mən bura gələn gündən də xalqın nümayəndələrinə öz məqsədimi anlatmaq istəyirdim. Biz Təbrizdə doğulmuşuq, Təbrizdə də böyümüşük, onun üçün də Təbriz xalqını sevirik. Allah şahiddir ki, nə mən, nə də qardaşım Əhməd şah təbrizliləri bir gün də olsa unutmamışdıq. Təbriz bizim vətənimizin ən qiymətli və ən əziz bir hissəsidir. Biz öz məmləkətimizin səadətini və xalqımızın rahətini məşrutə üsuli-idarəsində gördüyümüz üçün bu üsulun müdafiə edilməsinə and içmişik. Madam ki, Təbriz xalqı bizə öz köməyini vəd edir, biz də öz növbəmizdə bu qəddarlığı qıymətləndirməliyik. Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük, indi mən də, qibleyi-aləm də haman yolu davam etdirməkdəyik. Xalqımıza salam yetirib, mənim tərəfimdən buyurun ki, millətin səadəti hər nəyi tələb edirsə, onu həyata keçirməyə çalışacağıq. Vəliəhd sözünü bitirdikdən sonra Nizamülmülk də danışdı. O da həmin sözləri dedi. Onların danışıqları doğru və səmimi olsa belə, biz onlardan heç bir müsbət nəticə gözləmirdik. Vəliəhdin Təbrizdən getmək istəməsinin başlıca səbəbi, özünün Təbriz səfərindən gözlədiyi nəticələri əldə edə bilməməsi idi. Gənc vəliəhd Təbrizi Məmmədəli Mirzə dövründə gördüyü Təbriz hesab edirdi. Əvvəla, Məmmədəli Mirzə dövründə Təbrizdə çar nüfuzu hazırkı şəkildə deyildi. Yerli hökumət 1828-ci ildə İran – Rusiya arasında bağlanmış Türkmənçay müahidəsinə əsasən, yarımmüstəqil bir şəkildə olsa da, məmləkəti idarə edə bilmirdi. Məmmədəli şah vəliəhd olduğu zaman Təbrizdə Əmir Nizamların və peşəkarların mövcud olduğuna baxmayaraq, məmləkətin idarə işlərini tamamilə öz əlinə almışdı, hətta tacirlər arasında mövcud olan ticarət ixtilafları da Məmmədli Mirzənin şəxsən özü tərəfindən həll edilirdi ki, bu kimi ixtilafların həll edilməsində də Məmmədəli Mirzə müəyyən para almış olurdu. İndisə bunların heç birisi yox idi, az-çox rüşvət almaq mümkündüsə, onu da Nizamülmülk özü qamarlayır, gənc vəliəhdə bir şey dadızdırmırdı. Gənc vəliəhd Azərbaycandan yığılacaq vergilərdən də bir şey əldə edə bilmirdi, çünki bütün vergilər İranın Rusiyaya olan borcünun faizlərini ödəmək üçün Rus-İran İstiqrazı bankına verilirdi. Bütün bunları nəzərə alanda vəliəhd ancaq Tehrandan aldığı müəyyən maaşla yaşamağa məcbur idi. Yalnız vəliəhdin özü deyil, onun yanınca gələn xidmətçilər və nökərlər də böyük mənfəət mənbəyinə gəldiklərini düşünürmuşlər, çünki əvvəllərdə vəliəhdin məclisində ixtilaflı məsələlər həll edilən bir çox adamlar vəliəhdin özünə rüşvət vetdiyi kimi, onun böyük rütbəli xidmətçilərindən başlamış nökərlərinə, hətta qapıçısına qədər çay pulu verirdilər. Biz qalxıb getmək istəyərkən vəliəhd sanki heyət üzvlərindən bir hədiyyə bəkləyən adam kimi əlimizin hərəkətinə baxırdı. Mən gənc şahzadəyə başımla təzim edib ayrılmaq istədikdə, içində beş min tümənlik çek olan paketi dəyirmi mizin üstünə qoydum, başqaları heç bir şey gətirməmişdi. Biz isə vəliəhd ilə əlaqə saxlamaq və onun işlərini öyrənmək üçün ona bu hədiyyəni verməyi qərara almışdıq. Biz qapıdan çıxarkən dönüb geriyə baxdıqda mizin üstünə qoyduğum paketi vəliəhdin əlində gördüm. * * * Sərdar Rəşidin Zəncan şəhərində teleqrafxanaya girərkən öldürülməsi və qatilin ələ düşməməsi ildırım sürəti ilə Təbrizin hər tərəfinə yayıldı. Cümşüd sərdar Rəşidi vurub qaçdığı zaman meyidin yanında bu məzmunda intibahnamələr qoymuşdu: €Çar nökərlərinin və öz vətənini satanların cəzası budurlə Bu intibahnamələr Təbrizə də gətirilmiş və çar konsuluna və vəliəhdə də verilmişdi. Özünü çar himayəsində elan etməklə İran kəndlisini və İran camaatını talamağa adət edən xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi. Çar konsulu Nizamülmülkü yanına çağırıb ciddi tədbirlər görülməsini və çar himayəsində olanların müdafiəsini təşkil etməyi tapşırırdı. Elə bu günlərdə vəliəhdin qulamı bir məktub gətirib məni Şəmsülimarəyə çağırmışdı. Məncə, bu çağırış beş min tümən barəsində razılıq etmək üçün idi, lakin Məşədi Kazım ağa bu dəvətə tamamilə başqa cür məna verirdi. – Mən bu it uşaqlarının ata-babasını tanıyıram, bunlara ki, üz verdin, daha dilənçi kimi yaxandan əl çəkməzlər, – deyirdi. Mən Məşədi Kazım ağanı sakit etmək üçün: – Eyb etməz, bu alış-verişdir, verdiyimiz pulların müqabilində bir çox şey əldə edə biləcəyik, – deyirdim. Axşam saat doqquz idi. Mən Şəmsülimarəyə getdiyim zaman vəliəhdi həyətdə gördüm. O, gülləri sulamaqda olan bağbanla danişır və bu binada keçirdiyi uşaqlığını xatırlayırdı. Mən də onlarla bir qədər dolanıb cürbəcür gül kollarına tamaşa etdim və başqa yerlərdə təsadüf etmədiyim bir çox çiçəklərin adlarını soruşdum. Saat onda bağçadan qayıdıb yazı və məşğuliyyət otağına gəldik. Vəliəhdin yazı stolunun üstündə bir neçə dərs kitabı gördüm, diqqətimi cəlb etdi, bunu vəliəhd özü də anladı. – Madan ki, biz Rusiya ilə qonşuyuq, madam ki, müştərək mənfəət daşıyırıq, o zaman onların dillərini də öyrənməliyik. Bu barədə cənab general-konsul da mənə kömək verir, bir həftədirki, yanıma bir nəfər rus müəllimi təyin etmişdir. – Gözəl fikirdir, – dedim, – biz öz qonşularımızla onların öz dilində danışmalıyıq. – Cənab müəllim Yemelyanovun özü də çox diqqətli bir adamdır. Mən Yemelyanovu çoxdan tanıyırdım, o, Tiflisdə bir çox inqilabi təşkilatları kəşf etmək üçün çalışmış, 4 və 5-ci illərdə Bakidakı inqilabi hərəkatı boğmaq üçün göndərilmiş məşhur çar iandarmı Runiçin şagirdlərindən idi. Şübhəsiz ki, çar konsulu tərəfindən vəliəhdə müəllim təyin edilən Yemelyanov vəliəhdin sarayına kimlərin gedib-gəldiyini konsula xəbər verəcək idi. Bu vəziyyət məni düşündürdü. Burada çar yandarmı ilə üz-üzə gəlmək məcburiyyəti var idi. Bu barədə də düşünmək sonranın işi idi. Hələlik vəliəhdin məni nə üçün çağırdığını bilmək lazım idi. Çay gətirdilər, qəlyan təklif etdilərsə də mən təşəkkür edərək, buna adətim olmadığını söylədim. O, papiros çəkməyə icazə verdi, özü də bir papiros çəkdi. – Mən öz razılığımı bildirmək üçün sizi bura dəvət etmişəm, lakin elə bilməyin ki, bu razılıq beş min tümən pul üçündür. Mən sizin qədrdan bir zat olduğunuzu bildiyim üçün razılıq verməyə və təşəkkür etməyə çağırmışam. Sizinlə bərabər mənim görüşümə gələnlərin bir çoxu vaxtı ilə bizim xanədanın süfrəsi başında vaxtını keçirənlər, ata-babamızın mərhəmətinə nail olanlar və bizim sayəmizdə əlinə böyük dövlət salanlar idi. Onlar mənim görüşümə bir dəstə gül və bir lumu ilə də gəlmədilər. Bunları nəzərə alaraq sizin bu qədər qədrdanlığınızı təşəkkürsüz buraxmaq istəmədim. Onlar Rusiya hökumətinin xoşuna getmək üçün bizi istiqbal etmədilər. Bizi şəhərin dilənçiləri və bazar əsnafi istiqbal etdi. Heç olmasa köhnə dostlarımız çar konsulunun bizə göstərdiyi ehtiram qədər hörmət göstərəydilər. Mən vəliəhdlə bu mövzu üzərində danışa bilmirdim. Çünki onun özünə də etibar etmirdim. Onun taxt-taca malik olan qardaşı ruslardan vətənini satmaq müqabilində yüz min tümən aldıqda, onun vəliəhdi də çar konsulundan ala biləcəyi az bir miqdar pul müqabilində bizim kimi yüzlərlə adam sata bilərdi. Bunun üçün də vəliəhdin başladığı mövzudan boyun qaçırmaq məqsədilə dedim: – Cənab konsulun həzrət vala vəliəhdə nisbət ehtiramı dost bir dövlətin himayəsindən gözləniləcək qədər böyük və qiymətlidir. Həqiqətdə də biz öz qonşumuzun bu məhəbbətini təqdir etməliyik. Mən bu cür boş və uyğun olmayan sözlərdən xeyli danışandan sonra gənc şahzadə mənim bu söhbətdən boyun qaçırdığımı hiss edərək xəfifcə güldü və: – Mən sizinlə bir iranlı kimi danışıram. - dedi. – Mən diplomat deyiləm, diplomat dili ilə danışanları da heç sevmərəm. Siz də haqlısınız, indi bu gözdən o biri gözə etibar yoxdur. Ancaq siz onu bilməlisiz ki, bizim xanədanımızın yerinə başqa bir xanədan gəlirsə, o yenə də öz xainlərini əfv etməyəcəkdir. Siz mənə inanın. Mən öz məmləkətimin xaini deyiləm. Bu torpağa bir vətən kimi hörmət bəsləyənlər mənə qardaşımdan da əzizdir. Siz mənə etibar ediniz. Mən məmləkətin əsirliyinə soyuqqanlı baxan adamlardan deyiləm. Hər kəs nə edir və nə düşünürsə bilirik. Hərgah buna qarşı sükut göstəririksə. O da müəyyən bir məcburiyyətin nəticəsindədir ki, bu da hamınıza məlumdur. Mən yenə də: – Bəndə həzrət vala vəliəhdə inanıram, – dedim. - Eyni zamanda həzrət vala vəliəhdin bir az ehtiyatlı olması da lazımdır, çünki siz dost bilib sirrinizi verdiyiniz bir çox adamlar vardır ki, onlar sizi bir qarın yeməyə sata bilərlər. Vəliəhd: – Qeyrətinizə qurban! - dedi. – Elələri vardır. Bunu mən də sizə məsləhət görürəm, çünki indi öz şəxsi mənfəətini nəzərdə tutmayanlar çox az tapılar. Sizin təbrizli olub-olmadığınızı bilmirəm, hər halda bizim özümüz də təbrizliyik, buna görə də şəhərimizdə yaxşı və namuslu adamlarla bərabər, üzüdönük və qanısoyuq adamların da olduğunu bir kərə daha boynumuza almalıyıq. Bütün bu söhbətlərdə vəliəhd məndən başladığı mövzuya dair müəyyən bir fikir əldə etməyi bacarmadı, nəhayət, başqa məsələ üzərinə keçərək dedi: – Sərdar Rəşidin vurulması da bir hadisədir. Bu hadisə göstərir ki, məmləkətdə mövcud olan gizli təşkilat qorxulu təşkilatdır. Onların buraxdıqları intibahnamə onların məqsədini aydınlaşdırır. Orada vətən xainlərinin cəzasına çatacağı qeyd olunur. İndi elə bir vaxtdır ki, bir şübhə üzərinə insanın adını vətən xaini qoyub məhv edə bilərlər. Buna görə də cənab sərkar yeri gəldikdə bizim öz məmləkətimizə və məşrutəyə sadiq olduğumuz barəsində əkari-ümumiyyəni hazırlamalıdır. Vəliəhd bu son cümlələri ilə yuxarıdan bəri öz xanədanlarının sədaqətinə dair dedikləri sözlərin mənasını aydın etdi. Sərdar Rəşidin ölümü və onun ölümünə dair buraxılan intibahnamə vəliəhdin ürəyinə böyük bir qorxu salmışdı. Vəliəhdin axşamdan bəri dediyi sözlərin bu məsələ üçün bir zəminə olduğunu anlayaraq: – Əlbəttə, həzrət vala vəliəhd bu məsələni tamamilə öz vaxtunda meydana atmışdır, – dedim. – Əfkari-ümumiyyə necə ki, keçmişdə, elə də hazırkı zamanlarda birinci vəzifəni ifa edir. Lakin həzrət vala vəliəhdin özü də məmləkəti sevdiyini işdə və həyatda göstərməlidir. Biz də bu barədə yeri gəldikdə danışar və hazırda həzrət vəliəhdin söhbətlərindən aldığımız müsbət təsirlərlə əfkari-ümumiyyəni hazırlarıq. Çox danışdıq, söhbətlərin gedişindən vəliəhdin məndən razı qaldığını hiss edirdim, çünki bir neçə kərə vaxtın keçdiyini işarə etdiyimə baxmayaraq, o məni buraxmadı, mən də açıq-açığına getmək istədiyimi deyə bilməzdim. Böyük adamların hüzurunda olanlar. Ev sahibi cmürəxxəssinizə demədən qalxıb gedə bilməzlər. Mən də bu adətə riayət edərək oturdum. Gecə saat bir oldu, vəliəhd belə bir sual verdi: – Nə kimi mövzuda danışmağı sevirsiniz? – Siyasi məsələlərlə əlaqədar olmayan tarixi, bədii və aşiqanə söhbətləri sevirəm, – dedim. – Şeiri sevirsinizmi? – Yorulduğum zaman şeir oxumağı sevirəm, ancaq özgəsinin oxuması şərti ilə. – Musiqini də sevirsinizmi? – Onu hər kəs sevir! Bu sözdən sonra vəliəhd stolun üzərindən zəngi basdı, azdan sonra üzü qırışmış və qocalmış bir xacə içəri girdi. Vəliəhd: – Şam hazırlasınlar! – dedi. Xacə baş əyib getdi. Mən sanki tikan üstündə oturmuşdum, heç də burada uzunuzadı oturmaq istəmirdim, çünki vəliəhd ilə çar konsulxanası arasında bir ixtilaf çıxdığı zaman biz də şübhə altına düşə bilərdik. On beş dəqiqədən sonra xacə gəlib: – Şam hazırdır! – deyə qabağa düşdü, biz də qalxıb onun dalınca gedirdik. Çılçıraqlarla işıqlanmış otaqları keçdikcə Məmmədhəsən Mirzə məlumat verirdi: – Bu otaq rəhmətlik Naibissəltənənin yazıxanası idi. Bu divanxana otağı idi. Burada Məmməd xan Qacar bir il yaşamışdır. Burada Müzəffərəddin mərhumun yataq otağı idi. Bura bizim bədbəxt atamızın yazıxanası idi. Bura Abbas Mirzə Naibissəltənənin kitabxanası idi. Vəliəhd iyirmiyə qədər otağın adını saydıqdan sonra böyük bir salona girdik. – Bura da Naibissəltənə dövründən bəri qonaq otağıdır, – dedi. İranda adət olduğu kimi şam süfrəsi xalçanın üzərinə yox, Avropa qaydası ilə stol üzərinə döşənmişdi. Yemək dəsgahı iki adamlıq idi. Lakin düzələn yeməklər iyirmi adama çatardı. Stolun üstündə cürbəcür içkilər də var idi. Biz hələ yeməyə başlamadan qapı açıldı. Beş nəfər əllərində musiqi alətləri içəri girdilər. Oturdular və heç bir əmr olmadan alətlərini kökləməyə başladılar. Bir az keçəndən sonra beş nəfər qadın içəri girdi və onlarda oturdular. Lakin bunları görmək mənim üçün heç də təəccüblü deyildi, çünki mən İran pağşahları və İran vəliəhdlərinin nahar və şam yeməyini musiqi tərənnümləri ilə yediyini Təbrizə gəlməzdən əvvəl də eşitmişdim. Mən çalan qadınları Təbrizdə görmüşdüm. Onların vaxtı ilə həmin bu sarayda Məmmədəli Mirzə üçün çaldıqlarını bilirdim. Lakin oynayan və oxuyan qızlar vəliəhdlə bərabər Tiflisdən gələn qızlar idi. Bunu vəliəhdin özü də söz arasında söylədi Onlardan birisi Səmən Laləzari, ikincisi Düxtəri-naz, üçüncüsü xanım Dilfərib, dördüncüsü Ərusi-Cahan, beşincisi Zəhrayi- Mahtabdan ibarət idi ki, üç əvvəlincilər rəqqasə və iki axırıncılar xanəndə idilər. Mən yenə də İran qadınlarının rəqslərini xoşlamadım, onlar, adətləri üzrə, bədənlərinin müəyyən hissələrini, məsələn, başı, döşləri və yaxud ombuzları və göbəyi oynatdıqları üçün olduqca gülünc bir vəziyyət alırlar, onların bu hərəkəti oynamaqdan daha artıq oyunbazlığa və sirk aktyorlarının hərəkətinə yaxındır. Lakin İran qadınının oxuması insanda elə bir bədii hiss oyandırır ki, o hissi çox az xalqın oxuyanlarından almaq mümkündür. Biz yeməyə başlarkən xanım Dilfərib oynayırdı. Bu gənc qadın həddindən artıq gözəl olduğuna baxmayaraq, öz hərəkətləri ilə insana bir rəqsdən gözlənə biləcək təsiri verə bilmirdi. Dilfərib vəliəhdə baş əyib oturandan sonra Ərusi-Cahan oxumağa başladı. Farsca oxuyur və sanki öz sözlərində o, bir dəqiqə bundan əvvəl oynayan xanım Dilfəribin gözəlliyini öz şeirlərində təsvir edirdi: Asiman gər zigiriban qəmər avürdə burun, Əzgiribani to xurşid sər avürdə birun! Və təmaşəyu xətü, xalu, ruxi çun qəmərət, Diləm əz revzənəyi didə sər avürdə birun!. Gecə saat dördə yaxın gənc şahzadənin şam yeməyi bitdi, o məndən tez-tez görüşmək üçün söz aldıqdan sonra: – İndi mürəxxəssiniz! – dedi. Mən izhar-təşəkkür edib çıxdım, fayton məni axşamdan bəri gözləyirdi, minib evə qayıtdım. Lakin vəliəhd ilə bu görüşmənin bizim üçün ucuz oturmayacağını bir daha öz qəlbimdə təkrar etdim. ) Əgər asiman öz yaxasından ay çıxarıb göstərirsə, Sənin yaxandan günəş baş verməkdədir. Sənin aya bənzər camalına tamaşa etmək üçün, Qəlbim gözümün bacasından çıxıb baxır. (Əsər tehranlı şair Abbasındır. ) * * * Qorxu Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi. Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı. Gecələr çar himayəsinə girərək təbrizlilərə ağalıq edənlərdən bir nəfər də olsa küçələrdə görünmürdü. Baş iş Təbrizdə inqilabi ruhun yüksəlməsinə də səbəb olmuşdu. Sərdar Rəşidin öldürülməsi xəbəri hamıdan artıq Təbriz qarnizonunun rəisi polkovnik Berezovskini düşündürürdü. O bu xəbəri alan kimi, mənim ona dediyim bir cümləni xatırladı: Siz əmin ola bilərsiniz, sərdar Rəşid Tehrana getməyəcəkdirə. O, təkcə Əbdülhəsənbəyi yox, böyük bir təşkilatı gizləmiş olduğunu düşünərək titrədi. Bu təşkilatı həbsə aldırmaq və bu sirri bir nəfərə açmaq fikrindən vaz keçmişdi, çünki yubanmışdır, o bizi sərdar Rəşiddən bu məlumatı aldığı dəqiqələrdə həbs etmiş olsaydı, sərdar Rəşidin diri qalmasına da imkan yarada bilərdi. Hazırda o, sərdar Rəşidin ölümündən gələn məsuliyyəti də öz öhdəsinə götürürdü. O, gecələri yatmırdı, öz vəzifəsinə, öz çarına, onu soldatlıqdan polkovnikliyə qaldıram üsuli-idarəyə xain çıxdığını xatırladığı zaman diksinərək yerindən qalxır, araq içir, sərxoş olub yenə də yatırdı. O, gündüzləri işə çıxmırdı, alayın qərargahına getmirdi, qarnizonun vəziyyətindən xəbərdar deyildi, özünü bu ləkədən nə cür təmizləyəcəyini təmin edə bilmirdi. Bəzən o, baş hərbi dairələrə ərizə verib vəzifəsindən çəkilməyi düşünürdü, lakin mümkün deyildi, çünki belə çətin bir zamanda polkovnik Berezovski kimilərinin və daha açığı, bütün varlığını çar mütləqiyyətini müdafiə uğrunda qurban verməyə hazır olan bir fandarmın işdən boyun qaçırması böyük şübhəyə səbəb ola bilərdi. Nəhayət, o, bir həftəlik əziyyətdən sonra, daha açığı, dəlilik dərəcəsinə gəlmək ərəfəsində şad bir xəbər aldı ki, o, xəbər də bundan ibarət idi: çar konsulu Təbrizin qorxulu bir vəziyyətdə olduğunu, cəbhələrdəki məğlubiyyət xəbərinin Təbrizdə çar nüfuzunun düşməsinə səbəb olmasına, Təbriz y)andarm təşkilatının bu çətin vəziyyətin altından çıxa bilməməsini nəzərə alaraq, andarm təşkilatı rəisliyinin Krılova tapşırılmasını qərara almışdı. Eyni zamanda Təbriz qarnizonunu təşkil edən Berezovski alayını Türkiyə cəbhəsinə göndərib, yerinə başqa bir alayı təyin edirdi. Berezovski bu xəbəri rəsmi surətdə aldığı zaman məni evinə çağırdı. Onu çox şad gördüm. O məni görən kimi qalxıb qucaqladı, əllərimi sıxdı və: – İndi məni təbrik edə bilərsiniz! – dedi. – Mənim alayım Təbrizdən cəbhəyə gedir. Zənn edirəm ki, bu cəbhə də mənim üçün əlverişli cəhhədir. Zənn edirəm ki, mənim dostum bir neçə aydan sonra məni bir polkovnik Berezovski kimi yox, bir general-leytenant kimi görəcəkdir. Mən polkovnikin əlini sıxıb təbrik etdiyim zaman o da əlini portfelinə uzadıb bir kağız çıxarıb qoydu: – Mən də sizin təbriklərinizə qarşı bu hədiyyəni sizə verirəm, – dedikdə mən kağızı açıb baxdım. Kağız bizim həbs olunmağımız üçün sərdar Rəşid tərəfindən çar yandarmına yazılan məktubdan ibarət idi. Məktubu tarixi bir vəsiqə olaraq saxladım və bu barədə Berezovskiyə razılıq etdikdə, o əlavə etdi: – Siz çox qorxulu bir işlə məşğulsunuz. Mən Təbrizdən gedəndən sonra bu qorxu daha da ağırlaşacaqdır, çünki mənim yerimə təyin olunan Krılov çox barışmaz adamdır. Siz mənim xatirim üçün də ehtiyatlı olmalısınız, çünki siz ifşa olunduğunuz zaman mənim sizə güzəştə getdiyim də meydana çıxar. – Siz əmin ola bilərsiz, bizim hərəkatımızdan sizin rütbə və vəzifənizə heç bir zərər toxunmaz. İndi buyurun görüm siz ailənizi də özünüzlə bərabər götürürsünüzmü? – Xeyr! Mümkün deyil, onları bura sizin himayənizə buraxıram. – Əmin ola bilərsiniz. Onlara sizin özünüzdəndə yaxşı baxaram, indi bu himayə mənim üçün vicdani bir borcdur. Mən sizdən heç bir )andarmdan gözlənilməyəcək yaxşılığı gördüm. – Amma mən heç vaxt özümü bağışlamayacağam, çara xəyanət etmişəm... Berezovski uzun danışa bilmədi, çünki onun qızları və arvadı gəlməyimi eşidib hamısı birlikdə görüşümə gəldilər. Onların hadisədən xəbəri yox idi, buna görə də Ksenya dedi: Neçə gündür ki, sizi arzulayırıq, atam da xəstə idi, vəzifəsinə getmirdi, lakin siz nədənsə belə vaxtlarda bizi unudursunuz. Cənab Arşakı da görmək mümkün deyil, atam burada olmayanda siz bizə bundan yaxın idiniz. – Çünki onda atanız burada yox idi, o vəzifə bizim boynumuzda idi, – dedim. Jandarm: – İndi yenə o vəzifə sizin öhdənizə düşür, – dedi. Axşama qədər orada oturub söhbət etdik, sonra vidalaşıb ayrıldım. Bu hadisənin üstündən on beş gün keçəndən sonra bir gün Berezovskinin evinə getdikdə onun qanlı paltarı ilə ağ atının «əbhədən ailəsinə göndərildiyi xəbərini verdilər. * * * Mahrunun toyu O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu. Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi. Mahnurun evdə olan mirasa ehtiyacı yox idi, çünki sərdar Rəşidin bütün qiymətli şeyləri onun əlində idi. Bunu varislər isbat edə bilməsə belə, yenə də şeylərin Mahru tərəfindən mənimsənildiyini bilirdilər. Buna görə də sərdar Rəşidin yaxın qohumlarından Mötəmədüləyalə Mahrunu almaq və onun əlindəki sərvətə sahiblənmək xəyalına düşmüşdü. O. birdə göz qapaqlarını qaldırıb: – Rahat buraxmırlarl - dedi. – Kim rahat buraxmır? – Mötəmədüləyalə yenə də elçi göndərmişdi. – Rədd edin! – Mən rədd edirəm, onlar yaxamdan əl çəkmirlər. Girib evin içində oturmuşlar, hər saat məni narahat edirlər. – Mötəmədüləyalə də həmin evdə olur? – Xeyr, evdə ancaq dörd nəfər qadın vardır. Onların biri Mötəmədüləyalənin bacısı Zəfərşan xanım, üç nəfər də sərdar Rəşidin başqa qohumlarıdır. Onlar məni qorxudur, hərgah razılıq verməzsəm başqa tədbirlər görəcəklərini söyləyirlər. – Qorxma, heç bir şey edə bilməzlər. – Onlarla bərabər bir neçə nökərləri də gəlmişdir, onlardan hər bir şey gözləmək olar. – İndi sənin fikrin nədir? Oradan köçmək istəyirsənmi? – Bunun üçün də sizin yanınıza gəlmişdim. – Əsədin fikri nədir? – Əsəd sizin fikrinizi bilmək istəyir. – İndi ki, mənim fikrimi bilmək istəyirsiniz, mən də xeyir işinizin başlanmasını məsləhət görürəm. Buna sənin öz fikrin nədir? Mahru daha danışmadı. Onun sevincini çöhrəsindəki qırmızılığın tez-tez dəyişməsindən təyin etmək olurdu. Mən Təhminə xanımı Məşədi Kazım ağanın dalınca göndərdim. Bu gün cümə günü olduğu üçün Məşədi Kazım öz ailəsi ilə, Nina da öz Məcidi ilə mənim yanımda nahar edəcəkdilər. Bu qanunü Məşədi Kazım ağa qoymuşdu. Hamı bir yerə yığıldı, Mahru isə bizim nə kimi söhbətlə məşğu! olmaq istədiyimizi bildiyi üçün evdən çıxdı. Məşədi Kazım ağa mənim ağzıma baxırdı. Çünki mən onu bir iş olmadan çağırmazdım. Bizim bütün maliyyə işlərimizə Mirzə Kazım ağa baxırdı. O, inqilab komitəsinin xəzinədarı sayılırdı. O özünün milyon tümən miqdarında sərvətindən başqa, inqilab komitəsinin ona tapşırdığı pullarla da alış-veriş edirdi. Mən onu çox da nigaran qoymaq istəmədim. —Sən həmişə xeyir işi sevən kişisən, – dedim, – yenə bir xeyir işimiz vardır. Məşədi Kazım ağa bu sözümdən şadlandı, o elə bilirdi ki, mən ona yenə də pul qazanmaq yeri göstərəcəyəm. Buna görə də o, adəti üzrə əlini əlinə sürtərək: – Allah səni mənim başımın üstündən əskik etməsin, bir günüm sənsiz olmasın! – dedi. Mən gülərək: – Hələ bir məni eşit, – dedim. – Bəlkə, mən elə xeyir işdən danışacağam ki, bu dualardan heç birisi lazım olmayacaq. Sanki o, bir şey hiss etdi və: – Xeyir iş həmişə mənim mənfəətimə olmaz ki, – dedi və gözlədi. – Əsədin və Mahrunun xeyir işini başlamaq lazımdır. – Başlayaq da, nə deyirəm ki... – Mən istiyirəm ki, yaxşı və layiqli başlayaq. Məşədi Kazım ağa heç bir söz demirdi, durub baxırdı, o yenə də məni gözləyirdi. – Ən əvvəla bina barəsində düşünməliyik, çünki Əsədin öz evi layiqli deyildir. – Bu mənim gözüm üstə. Təbrizdə 17 yerdə bina almışam. Buyurub baxarsınız, hansı birisi layiqlidirsə, Əsədin olsun. – Rasta küçəsində ev verərsənmi? – Birinci bina mənimkidir: biruni, əndəruni, hər nə kefin çəkirsə, var. Balkonu, bağçası, gülxanası... müxtəsər, hər bir şey içində. Onu Əsədə bağışladım, onun toy payı olsun. – Çox yaxşı, bu sənin hədiyyənl Mənim əvəzimdən də onun evinə lazım olan bütün şeyləri hazır etdirərsən. – O da gözüm üstə. – Elə düzəldərsən ki, Mahru binaya daxil olduğu zaman heç bir şeyə ehtiyac hiss etməsin! – O barədə nigaran qalma. Mənim səliqəmi bilirsən kıl Məşədi Kazım elə bilirdi ki, bununla yaxası qurtardı, lakin mən onun sevincinin uzun sürməsinə imkan vermədim: – Mahru üçün toy paltarı hazır etdirmək lazımdır. – Bu da gözümün üstündə. – Toyun başqa xərclərini də öhdənə götürüb bir nəfərə tapşırarsan. Lakin bu pulları öz öhdənə götürməlisən. Bunları Mahrunun sənə tapşırdığı pullar hesabına xərcləməməlisən. – Bütün tapşırıqları verəndən sonra Ninaya tapşırdım: – Mahruya deyərsən ki, bizim fikrimiz onu bir həftənin içində başqa evə köçürtməkdir. O, hazırlıq görməlidir, həm də bu gündən etibarən sərdar Rəşidin evindən çıxıb sənin otağına keçməlidir, daha orada qalmaq qorxuludur. Başına bir hadisə gələ bilər. * * * Son gecə idi. Mahru öz şeylərini sərdar Rəşidin evindən götürüb Ninanın evinə köçəcəkdi. Sərdar Rəşidin varisləri isə bu gün təziyə məclisini yağışdırıb, bir hissəsi Ərdəbil, bir hissəsi Nəmin tərəflərinə gedəcəkdi. Böyük miras aparmaq üçün gələnlərin ümidləri boşa çıxmışdı, çünki kağız valyutaları sərdar Rəşid özü ilə aparmışdı, evdə qalan qızıl, gümüş, cavahirləri isə Mahru xanım mənimsəmişdi. Onlar Mahru tərəfindən mənimsənilmiş zənginliyi əldə etmək üçün Mahrunu Öz qohumlarına almaqdan başqa bir çarə tapa bilmirdilər. Təbrizdə Mötəmədüləyalədən başqa Ərdəbildən sərdar Rəşidin dayısı oğlu Hüseynqulu xan Etimadissultan və qardaşı oğlu Həssami-Ləşgər də Təbrizə gəlmişdi. Bunların hər üçü Mahrunu almaq istəyirdi. Onların hər birisi özünü Mahruya bəyəndirmək üçün gündə nir neçə libas geyir və bir neçə qiyafəyə girirdi. Onların anaları, bacıları səhərdən axşama qədər öz qardaşları və öz oğullarını tərif edir, Mahrunu razı salmağa çalışırdılar. Lakin onlar Mahrunun nə kimi bir mətanətə sahib olduğunu bilmirdilər. (Mirası bölüşdürmək üçün gələnlərin nə məqsədlə özünə evlənmək istədiyini o, çox gözəlcəsinə bilirdi.) Onlar Mahrunun əlindəki sərvəti aldıqdan sonra özünü buraxacaq və həmin sərvətlə də başqa bir aristokratın qızına evlənəcəkdilər. Bu gün Mahru onların hər üçünə qəti cavab verib təkliflərini rədd etmişdi. Etimadissoltan və Həssami-Ləşgər təziyənin bitməsini gözləmədən çıxıb getmişdi, lakin Mötəmədüləyalə məcburən də olsa, Mahrunu izdivaca razı etməyə çalışırdı. O öz bacısı Zəfərşan xanımın vasitəsilə Mahrunu qaçırmaq hazırlığında idi, Gecə təziyə bitdikdən sonra Mahru evi tərk edib Ninanın mənzilinə köçüb gələcək, varislər isə qapıları bağlayıb binanı öz sahibinə təhfil verəcəkdi. Mötəmədüləyalə Mahrunu götürüb qaçmaq işini öz nökərləri naib Vəliyə tapşırmışdı. Mahru Ninanın evinə yığışıb gəlmək üçün sərdar Rəşidin evindən küçəyə çıxdığı zaman Mötəmədüləyalənin bacısı Zərəfşan da onunla küçəyə çıxacaq və qapıda duran faytona işarə verməklə Mahrunun qaçırılması üçün Mötəmədin nökəri naib Vəliyə kömək edəcəkdi. Saat doqquz idi, Təbrizin bu mövsümündə görünməyəcək şiddətlə yağış yağırdı. Qaranlıq idi, fənər üzü görməyən Təbriz küçələrini ancaq dəhşətli ildırımlar çaxdığı zaman görmək mümkün idi. Onsuz da gecə küçələrə çıxmağa adət etməyən Təbriz əhalisi, şiddətli yağış səbəbinə başını qapısından bayıra çıxarmırdı. Küçələrdə arabir insana təsadüf edilirdisə, onlar da şəhərin mərkəzindən evinə qayıdan dilənçilərdən ibarət idi. Biz Mahrunun tapşırığına görə axşam saat doqquzun yarısında onu gətirmək üçün Məşədi Kazım ağanın faytonunu sərdar Rəşidin qapısına göndərmişdik. Mahrunu gətirmək üçün Əsədin özü getmişdi. Əsəd Məşədi Kazım ağanın faytonu ilə sərdar Rəşidin qapısına yetişdiyi zaman orada başqa bir fayton durduğunu gördü. O bu faytondan heç də şübhələnmədi, sərdar Rəşidin evində başqa qonaqlarin olduğunu düşünərək burada qeyri-təbii heç bir şey zənn etmədi. Əsəd fatyonda xeyli oturdu, Mahrunun yubanması və vədə verdiyi saatda bayıra çıxmaması Əsədi şübhəyə saldı. Saat on tamama iyirmi dəqiqə qalmış sərdar Rəşidin qapısı açıldı, qara kölgə kimi iki nəfər qadın bayıra çıxdı. Onlardan birisi ucaboylu Mahru, ikincisi isə ortaboylu Zərəfşan xanımdan ibarət idi. Qadınlar qapıdan çıxıb bir an dayandılar, faytonları yoxlamaq üçün bir neçə saniyə baxdılar. Mahru uzaqdan, kənarda duran faytonun fənərlərində qırmızı rəngli yazıları tanıdı, o, Məşədi Kazım ağanın faytonu idi. Zərəfşan xanım Mahrunun hansı faytonla qaçırılacağını təyin edə bilmədiyi üçün tərəddüd içərisində çaşıb qalmışdı. Mahru heç bir tərəddüd etmədən Zərəfşandan uzaqlaşaraq kənarda duran faytona yaxınlaşmaq istədiyi zaman Zərəfşan da onu təqib etdi. Örtülü faytonun qapısı açıldı, Tütünçüoğlu onun əlindən tutub faytona qaldıran kimi faytonun qapısı örtüldü, Zərəfşan orada kimin oturduğunu və Mahrunu faytona qaldıran əlin kimə məxsus olduğunu təyin edə bilmədi. Fayton yola düşdü, Mahru öz sevgilisi və həyat yoldaşı ilə bərabər səadətə və həmişəlik azadlığa doğru getdiyi zaman Zərəfşan durub düşünürdü. O, zənn edirdi ki, Mahru naib Vəli oturan faytona oturdu, onu faytona qaldıran əl dəxi naib Vəlinin əlidir. Zərəfşan xanıma bir an heç təsəvvürəgəlməz bir şadlıq üz verdi. O, indi həm qardaşının gözəl bir arvad aldığını, həm də sərdar Rəşidin tükənməz sərvətini mənimsədiyini düşünərək, şadlığından qabığına yerləşmirdi. O, şad bir ürəklə sərdar Rəşidin evinə dönmək istədikdə qapıda duran ikinci faytona baxaraq şübhələndi. «Bəs bu fayton kimdən ötrü durmuşdur? – deyə fikrə getdi. – Olmaya Mahru əldən çıxdı? Hərgah bu fayton naib Vəli gətirən faytondursa nə üçün Mahrunun başqa faytona oturmasına imkan verdi, nə üçün o, səsini çıxarmadı?) Zərəfşan bu fikirlər içərisində çırpındığı vaxt bir səs eşitdi: – Zərəfşan xanım, nə üçün yubanırsınız? Zərəfşan bu səsdən diksindi, onun vücudunu bir istilik bürüdü, çünki bu səs naib Vəlinin səsi idi. O, başına vuraraq: – İşi uduzduq, Mahru əldən çıxdı! – deyərək naib Vəlini səslədi: – Naib Vəli, sənsənmi? – Mənəm, xanım! Nə üçün yubanırsınız? – Qızı nə üçün buraxdınız?1 – Qızı buraxmadıq, onu bizim faytonumuz götürüb getdi. Yubanmayın, cənab Mötəməd sizi Əminurriyanın qardaşı evində gözləyir. – Nə üçün? – Qızı Təbrizdən sizinlə bərabər çıxarmaq istəyir. Oturun, vaxt keçir, – dedikdə Zərəfşan da: – Allaha şükür, mən qızın əldən çıxdığını zənn edirdim, az qala ürəyim yerindən qopmuşdu, – dedi. Naib Vəli əlini uzadıb Zərəfşan xanımın əlindən tutaraq faytona qaldırdı. Zərəfşan faytonda naib Vəli ilə sakit oturmuşdu. Yağış onun çarşabını islatdığından onu başından götürüb bir tərəfə qoydu, çünki əyan və aristokratiya ailələrində nökərdən gizlənmək adət deyildi. Dördatlı fayton üzünü şərqə doğru çevirib sürətlə gedirdi. Faytonda Zərəfşan xanım, naib Vəli və fayton sürəndən başqa heç bir kimsə yox idi. Yarım saat davam edən sükutdan sonra Zərəfşan özünü şəhərin mərkəzi olan Rasta küçədə yox, Təbrizin şərqində, şəhərdən çox kənarda hiss edərək, naib Vəliyə sual verdi: – Naib Vəli, bəlkə də, faytonçu yolu azdırmışdır? – Xeyr, xanım, elə iş ola bilməz! Faytonçu bu tərəfləri çox yaxşı tanıyır, o neçə gündür ki, Təbrizdədirl Zərəfşan yenə də sakit oldu. Heç bir səs eşidilmirdi. Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. Zərəfşanın hövsələsi darıxdı, səbri tükənmiş adamlar kimi sual verdi: – Bu zəhrimar olmuş yol bitmədimi? – Tələsməyin, xanım, yolumuz o qədər qalmamışdır. – Biz hara gedirik? – Cənab Mötəmədin buyurduğu yerə. – O, Rasta küçədə deyildirmi? – Bəli, Rasta küçədədir. – Bəs nə üçün biz o tərəfə getmirik? – Çünki düz yol ilə gedə bilmərik, qız qaçırırıq, şəhərin kənarından dolanıb getməliyik. Qız gedən fayton da həmin yol ilə getmişdir. – O fayton uzaqdadırmı? – Xeyr, bizim qabağımızca gedir. – Bir az sürətlə sürün, gedib qızı da bura götürək. Naib Vəli faytonçuya: – Atları qamçıla, xanım atların sürətlə sürülməsini əmr edir, – dedi. Faytonun atları ağzını naqqa balıq kimi açaraq qaçırdı, Zərəfşanın isə qəlbinə heç bir şübhə girmirdi, çünki onun naib Vəlidən şübhə etməyə əsası yox idi. Naib Vəli Mötəmədüləyalənin ən inanılmış adamlarından idi. Naib Vəli cavahir və ipəklərlə bəzənmiş qıza sanki bəzi sözlər demək istəyirdisə, yenə də cürət etmirdi. Nəhayət, Zərəfşan ona müraciətlə: – Naib Vəli, nə üçün danışmırsan? Bəs biz nə vaxt Rasta küçəyə girəcəyik? – Siz mənə bir sözün düzünü deyəndən sonra biz Rasta küçəyə girəcəyik. – Sən nə soruşdun ki, mən düzünü demədim? – And için! – Mötəmədin canı üçün, öz başım üçün doğrusunu deyəcəyəm. – Ev qulluqçunuz Səltənət sizə mənim məktubumu vermişdimi? – Sənə kim ixtiyar veribdir ki, mənə bu sualı verirsən? – Siz indicə düzünü deyəcəyiniz üçün öz başınıza və cənab Mötəmədin canına and içmədinizmi? – And içdim, lakin sən onu bilməlisən ki, mən o məktubu Mötəmədə göstərsəydim, sənin başın kəsilərdil – Burası sizin alicənablığınızdan asılıdır ki, məktubu bir kimsəyə göstərməmisiniz. – İndi ki, sən məni alicənab bir xanım hesab edirsən, o zaman bir nökərin xanıma verə bilmədiyi sualı öz xanımına verməməli idin! – Zərəfşan xanım, nökərçilik və xanımlığı hesaba almayan və onları tanımayan bir şey varsa, o da sevgidir. – Mən sənə məni sevmək üçün icazə vermirəm! – O icazəni mənə verən iki şeydir, birisi mənim qəlbim, ikincisi sizin misilsiz gözəlliyinizdir. – Sən mənim Salar Nizam cənablarına nişanlı olduğumu bilmirsənmi? – Bilirəm. – Sən bilirsən ki, o bir kərə gözünü əysə, yüz sənin kimi naib vəlilər yer üzündən yox olar? – Mən heç ondan aciz oğlan deyiləm. Məni qardaşın Mötəməd çox yaxşı tanıyır. Onu Mötəməd edən də mənəm. Get bunu özünə də xəbər ver. Mən öz məktubumda ədəbsizlik etməmişdim, sizi sevdiyimi yazmışdım, çünki sizi görüb danışmaq mümkün deyildi, ona görə də sizin gözəlliyinizi o məktubda yazmışdım, eyni zamanda öz sevgimi də xəbər vermişdim. İndi isə məktub yazmağa ehtiyac yoxdur, Zərəfşan xanımın özü zəhmət çəkib naib Vəli ilə bir faytonda oturub gedir. – Sən dəlisən, nəsən?) Özgənin nişanlısına sevgi elan etmək caizdirmi? – Sənin qardaşın başqasına nişanlanmış qızı götürüb qaçmaq istəmirdimi? – Qardaşım həmin qızı başqa səbəblərə görə qaçırmışdır. – Hərgah o həmin qızı qaçırmağa müvəffəq olmamışsa, mən səni gözəlliyin və dünyada misli görünməyən bir qız olduğun üçün qaçırmışam. – Mən sənə bu cür sözlər danışmağa icazə vermirəm! – Siz icazə verməsəniz belə hazırkı vəziyyət buna icazə verir. Zərəfşan xanım ancaq bu sözdən sonra özünün naib Vəli tərəfindən qaçırıldığını anladı və iki əlləri ilə başına vuraraq: – Vay, ana! Mən haradayam, - qışqırdı. Bu sözdə naib Vəli onu qolları arasına alaraq: – Qorxma! – dedi. – Sən naib Vəlinin, səni sevən bir cavanın qolları arasındasanl – Bu sözlərdən sonra naib Vəli onun dodaqlarından öpərək: – Qorxmaq lazım deyil, özün düşün, Salar Nizamın harası məndən artıqdır? O, rəhmsiz, vicdansız, gündə yüzlərlə kəndlinin qətlinə fitva verən zalımın birisidir. Onun nə kimi sevgisi ola bilər? Mən isə səni öz anamın yanına aparacağam. O səni öz qızı kimi sevəcəkdir. Nökər olduğuma baxma, səni yaşatmağa imkanım vardır. Tayfam da böyük tayfadır. Nə Mötəməd, nə də Salar Nizam bizim tayfaya yaxın gələ bilməz. Naib Vəli bu sözləri deyəndən sonra yenə də Zərəfşan: – Mən sənin bu ədəbsizliyini bağışlaram. – dedi, – Nə qardaşıma, nə də Salar Nizama xəbər vermərəm, bütün üstümdə olan qaşdaş da sənin olsun, ancaq məni Təbrizə qaytar. – Sən mənim anamın yanına getməlisən! Zərəfşan təəccüblə bir daha sual verdi: – Doğrudanmı məni ananın yanına aparırsan? – Bəli! Sən onun gəlini, mənim isə həyat yoldaşımsanl – Bəs biz, qardaşım bizi gözlədiyi yerə getmirikmi? – Yox! Sən başqa birisinin səadətini təmin etmək üçün gedirsən. – Bəs o qız necə olacaqdır? – O qız da öz sevgisinin, öz səadətinin dalınca getdi. – Sən məni burax, mən Salar Nizama getdikdən sonra da səninlə yaşamağa söz verirəm. Naib Vəli bir daha onun dodaqlarından öpərək: – Yox, xanım! – dedi. – Mən sizin o qədər də alçalmağınıza imkan vermərəm. – Bəs məni qaçırmaq məni alçatmaq deyildirmi? – Xeyr! Mən sizin Salar Nizamı sevmədiyinizi və mənə məhəbbət bəslədiyinizi anladığım üçün bu cəsarəti etdim. Doğrusunu söyləyin, siz məni sevirdinizmi? – Naib Vəlinin bu sözlərindən sonra Zərəfşan başını aşağıya salaraq: – Sevirdim, hətta ürəkdən sevirdim, – dedi. Onlar daha danışmırdılar. Fayton yanıq karvansaranın yanından şərqə çevrilib Marağa mahalına tərəf yollandığı və iki havanın birbirinə toxunmasından ildırımlar çaxdığı zaman, iki sevgilinin də nəfəsi bir-birinə toxunurdu. Nəhayət, Zərəfşan Mahrunu xatırlayaraq dedi: – O qız nə yaxşı qız idi. Hərgah onun bu hadisəsi aralıqda olmasaydı, bizim bu şad hadisəmiz də baş tuta bilməyəcəkdi! Naib Vəli onu öpərək: – Belədir, mənim sevgilim, dünyada hadisələrin xasiyyəti yeni hadisələr doğurmaqdan ibarətdir, – dedi. * * * Knyaginya Osipova 1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı: «İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”. Eyni zamanda erməni tacirlərindən Mirzoyan, Tehranda Rusiya ilə İran arasında vasitəçilik vəzifəsini öhdəsinə götürüb İranı Rusiya ilə İngiltərə mənfəətinə müharibəyə cəlb etmək, əvəzində isə Kərbəla və Nəcəf şəhərlərinin İrana verilməsi, orada Bosnə-Hersek və Misir hökuməti şəklində ingilis mandatı altında bir üsuli-idarə düzəltməyi düşünürdü. O biri tərəfdən də Rusiya fürsət əldə ikən Tehranı işğal etmək, orada Rusiyanın hərbi qubematorluğunu təşkil etmək məsələsini meydana sürürdüsə də, ingilislər buna razılıq vermirdi, çünki bitərəf məntəqənin işğal edilməsi ilə Rusiyanın nüfuz məntəqəsi genişlənirdi.“ Eynüddövlə ilə Fərmanfərmaya gəldikdə onlar da öz növbələrində Tehranda Rusiya ilə alış-veriş aparır və noyabrın 15-də İranın I Knyaginya Osipova - rus şahzadəsidir. Rasputini öldürən şahzadənin bacısıdır. ? 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanan müqavilədə İran iki nüfuz məntəqəsinə ayrılmışdı. Cənubi İran ingilislərin, Şimali İran isə rusların nüfuz məntəqəsi sayılırdı. " Kərbəla və Nəcəf şəhərləri İraqdadır. Müsəlmanların müqəddəs şəhərləridir. 1917-ci ilin mart ayında ingilislər tərəfindən işğal edilmişdi. s 1907-ci il müqaviləsinə görə şahın oturduğu Tehran və onun ətrafi rus və ingilis nüfuz məntəqəsinə daxil deyildi. Rusiya tərəfində durub Türkiyə-Almaniya dövlətləri əleyhinə çıxa- «ağını elan etməkdə idilər. Cavan şah da baş vəzirlərin Rusiyadan pul aldıqlarını görüb, iştahasını artırırdı. O da noyabrın 17-də Tehran səfiri Etteri yanına çağırıb demişdi ki, mən öz ata-babamın tutduğu xətt-hərəkəti davam etdirib Rusiya hökumətinə sadiq qalacağam. Bunun müqabilində isə Tehran səfiri dekabrın 2-də xariciyyə naziri Sazanova vurduğu teleqramında deyirdi: «Mənim ixtiyarımda olan pulun böyük bir miqdarını Eynüddövləyə verdim. Əlimdə qalan ancaq 35 min tüməndir. Hərgah xatir- «əmlik verirsinizsə, şaha da bir yüz min tümən pulun vədəsini verimə. Mərkəzdə işlər bu vəziyyətə girdiyi zaman Təbrizdə də çar konsulu təzyiq şəraitini dəyişərək cbarışmap, razılaşdırma siyasətini aparırdı. Son günlər vəliəhd Məmmədhəsən Mirzənin Şəmsülimarədə böyük təntənələr düzəltməsi və çoxlu pul sərf etməsi onun Rusiya konsulundan pul aldığını göstərirdi. Onun Yemelyanovu öz sarayından rədd etməsinə baxmayaraq, çar konsulu yenə də başqa cür yollarla vəliəhdə yol tapmağı bacarmışdı. Təzə il bayramı idi, çar konsulunun təşkil etdiyi böyük ziyafətdə vəliəhd Məmmədhəsən Mirzə də iştirak edirdi. Ziyafətə ingilis və Amerika konsulxanaları işçiləri, rus təbəəliyini qəbul etmiş bir neçə iranlı, rus himayəsinə girənlər və konsulun hüsn-rəğbətini qazanan iranlı tacirlər də dəvət edilmişdi. Ziyafətdə Təbrizdəki rus qarnizonunun yüksək mərtəbəli zabitləri, o cümlədən Yemelyanov da var idi. Mən Amerika konsulxanası üzvlərinin dəvət edildiyini bilirdim, lakin amerikalı qızın cəsarət edib bu ziyafətə gələ biləcəyini zənn etmirdim. Nina ilə bərabər bu ziyafətə gəldiyim zaman miss Hannanın Frikson və onun arvadı Sara ilə salonda gəzdiyini gördüm. Zatən aralıqda bir qorxu ola bilməzdi, çünki qızın Almaniya ləhinə işlədiyi zamandan neçə illər keçmişdi, hərgah bunu rus konsulları bilirdisə, hazırda həmin konsullar da dəyişilib getmişdi. Eyni zamanda qızın şübhə altına alınmasına səbəb olan vəsiqələr də bizim əlimizə keçmişdi. Konsul katibləri də bizim sərəncamımızda idi, buna görə də amerikalı qız bu ziyafətə gələ bilərdi. Frikson və arvadı Sara məni görərkən yaxınlaşdılar. Lakin amerikalı qız əvvəlcə onlarla bərabər mənim yanıma gəlməkdə bir az tərəddüd etdi, qədəmlərini saxladı, sonra nə düşündüsə onlarla bərabər irəlilədi, əlimi sıxdı. Mən onu Nina ilə tanış etdim. O, əlini Ninaya uzadıb tanış olmaq istərkən mən onun üzünə baxdım. Onun çöhrəsində ani bir qırmızılıq hiss etdim, onun əlləri və bütün vücudu titrəyirdi, göz bəbəklərində bir qeyri-təbiilik görünürdü. Nina bunu hiss etdi, lakin onda bunun səbəbini soruşmaq imkanı yox idi, çünki Friksonun arvadı Sara Nina ilə maraqlandığı üçün daim danışır və onu sərbəst buraxmırdı. Bir az dolandıqdan sonra salonda bir dəyişiklik törədi, hamının nəzəri salonun qapısına dikildi, azdan sonra qabaqda Məmmədhəsən Mirzə, qolu ucaboylu və gözəl bir qızın qolunda, bunların dalınca da çar general-konsulu və ingilis konsulu içəri girdilər. Tacirlər və başqaları iki sıraya düzüldülər və İran qaydasınca vəliəhdə təzim etdilər. Vəliəhd öz istədiyi adamların yaxınına gəlib əllərini sıxdı. Amerika konsulluğunun baş katibi Frikson və onun arvadı Sara ilə tanış olduqdan sonra mənə yaxınlaşdı, mən təzim edərkən, o, əlini uzadıb əlimi sıxdı və qolundakı qadını göstərib: – Şahzadə xanım Osipoval - deyə tanış etdi. Mən onun əlini sıxaraq, Ninanı göstərdim. Nina: – Nina xanım! – dedikdə qabaqca şahzadə xanım, sonra da Məmmədhəsən Mirzə Ninanın əlini sıxıb tanış oldular. Qadınlar bir-birinə qoşulub gəzir, kişilər isə kiçik dəstələrlə dolanırdılar. Mən şahzadə xanıma göz qoymuşdum, o mənim nəzərimdə şahzadə xanım roluna girmiş bir aktrisaya bənzəyirdi. Mən onun şahzadə Osipova olmadığına inanırdım. Şahzadə xanımın dünya müharibəsinin qızğın bir zamanında Petroqraddan İrana gəlməsinə kim inana bilərdi?1 Hər halda bu knyaginya da çar casusluq təşkilatının bir üzvü olmalı idi. İrana cürbəcür adlarla gələn qadınlar sırasında bu da bir cşahzadəə olaraq gəlmişdi. Knyaginya Nina ilə bir tərəfə çəkilərək uzun-uzadı danışırdı, mənsə Sara, Frikson və miss Hamna ilə bərabər gəzirdim. Məmmədhəsən Mirzənin ətrafını çar və ingilis konsulu kəsmişdi, onlar söz yox ki, ümumi diplomat sözlərindən, İranın cistiqlaliyyətəini müdafiə etdiklərindən və sairdən danışırdılar. Şahzadə xanım bir çox söhbətlərdən sonra Ninadan ayrılaraq yenə də vəliəhdə yaxınlaşdı və onun qoluna girdi. Gecə saat on ikidə süfrəyə oturdular. Şahzadə xanım vəliəhdlə yuxarı başda, onların bir tərəfində ingilis, o biri tərəfində də çar konsulu oturmuşdu, Birinci piyalə şahzadə Məmmədhəsən Mirzənin və şahzadə Osipovanın şərəfinə içildi. Diplomatlar qulağımızın min kərə eşitdiyi sözləri ortalığa tökdülər və işğal olunmamış azad bir kəndi qalmayan İranın müstəqil olması haqqında vəliəhdi əmin etdilər. Biz də kənarda Nina ilə oturub bu səhnəni və bu caktyorlarpı gözdən keçirir, oyuncaq vəziyyəti almış vəliəhdə tamaşa edirdik. Miss Hanna ilə Sara xanım da bizim bərabərimizdə oturmuşdu. Amerikalı qız mənim Nina ilə olan münasibətimə müəyyən bir şəkil verməyə çalışırdı. Gecə saat üçdə vəliəhd konsullarla vidalaşıb şahzadə xanımla getdiyi zaman mənə yaxınlaşdı və: – Mən sizin xanımınızın avropalı olduğunu bilmirdim, şahzadə xanım onu çox bəyənmişdir. Rica edirəm xanımızı da götürüb bizə gəlin. Şahzadə xanım da təkdir, darıxır, – dedikdə şahzadə xanım da mənim əlimi sıxaraq: – Xanımınız çox nəcib xanımdır. Sizin xoşbəxtliyinizi təbrik edirəm, – deyərək ayrıldılar. mx Vəliəhdin Yemelyanovun əlindən qurtardıqdan sonra şahzadə xanım Osipovanın əlinə düşməsi gizli komitəni düşündürürdü, çünki nəslən və əslən qadın düşkünü olan Məmmədhəsən Mirzə hələ Təbrizə gəlmədən Tehrandan onun «sevimli» qadınları dəstələrlə Təbrizə gəlmişdi. Söz yox ki, o öz yaxasını artıq dərəcədə gözəl olan rus dilbərinin əlindən qurtara bilməyəcəkdi. Təəccübə səbəb olan cəhətlərdən birisi də Yemelyanovun qovulduğundan bir ay keçməmiş bu qadının vəliəhdin sarayına girməsi məsələsi idi. O nə ad və nə vasitə ilə bu axmaq şahzadəyə yanaşmışdı? Mən bu cəhətləri Ninadan soruşmaq üçün onu yanıma çağırmışdım, çünki konsulun təzə il bayramı ziyafətində cşahzadən xanımla Nina uzun-uzadı söhbət etmişdi. Ziyafətdən qayıdandan bəri Ninanı görməmişdim, nə onun özü mənim yanıma gəlmişdi, nə də Məcidi mənim yanıma buraxmışdı. Buna başqa bir səbəb ola bilməzdi, ancaq bu küsüşə konsulun ziyafətində mənim amerikalı qızla olan yaxınlığımdan şübhələnməsi səbəb ola bilərdi. Mənim onu miss Hanna ilə tanış etdiyim və amerikalı qızın qeyri-təbii bir vəziyyət alması Ninaya mənim o qızla köhnədən tanış olduğumu hiss etdirmişdi. Nina gəldi, Məcidi də gətirdi. Nina mənə yad və təzə görüşüb tanış olan rəsmi bir adam kimi yanaşdı, içəri girib salam verdi, əlimi sıxıb bir tərəfdə oturdu, Mə- «idin yaxalığını düzəltməyə və saçlarını sığallamağa başladı. Mən hökm sürən bu sükutu pozmaq istərkən, özüm də hiss etmədən Ninaya yersiz bir sual verdim: – Xəstələnmişdinmi? – Xəstənin yanına gedib halını soruşarlar, çağırıb soruşmaq qayda deyil! Xəstənin dalınca adam göndərib «gəl görək kefin necədir?ə demək ancaq sənin əlindən gələr. Nina bir az sakitləşdikdən sonra soruşdu: – O qız kim idi? – Hansı qız? – Konsulun evində məni tanış etdiyin qız. O nə üçün mənim adımı eşidərkən qısqandı? Nə üçün o titrəyirdi? Nə üçün onun rəngi tez-tez dəyişirdi? – Məgər sən o qızı tanımırsan? Mən onun barəsində sənə danışmamışammı? – Xeyr, danışmamısanl Mən bu sözdən sonra miss Hamna ilə tanış olmağımın tarixini olduğu kimi əvvəlindən axırına qədər Ninaya danışdım və onun bizə göstərdiyi xidmətləri bir-bir saydım. Hətta onu Ninanın konsulxanadan gətirdiyi məlumatın köməyi ilə həbs olunmaqdan qurtarıb Təbrizdən qaçırtmağa müvəffəq olduğumuzu da dedim. Miss Hannanın Rəfizadə vasitəsilə qaraçı evinə aparılması, bizim onu nə cür qurtardığımız və Mahmud xanın öldürülməsini də bu hadisə əsasında təşkil etdiyimiz, Rəfizadəni Təbrizdən qaçaq saldığımız və son günlər yenə də Rəfizadəni edam etdirdiyimiz kimi söhbətlər Ninanı cəzb etdi. Nina sevinərək dərin bir ah çəkdi, sanki bununla da özünü yormaqda olan bütün düşüncələri silkələyib yerə tökdü. Durub əlimi sıxdı: – Mən nə qədər xoşbəxt bir qadınam! – dedi. – Gözəl qadınların romanlarda aradığı qəhrəman mənim gözümün qarşısında oturmuşdur. Nina bu sözü deyərək dodaqlarını mənim dodaqlarıma yaxınlaşdırdığı anda Məcid məndən qabaq dodaqlarını onun dodaqlarına yapışdırdı. İndisə Nina miss Hannanı görmək və onunla yaxından dost olmaq istəyirdi. Mən ona bu vədəni verdim, lakin bu asan deyildi, miss Hannanı da bu görüşə hazırlamaq və onun varlığına hakim olan qısqanclığı təmizləmək lazım idi. Artıq Nina təbii halına gəlmişdi. O, həmişə olduğu kimi, məni Məcidlə danışdırmağa və Məcidi mənə suallar verməyə məcbur etməyə çalışırdı. Mən dünyada hazırkı vəziyyətdən də böyük xoşbəxtlik bilmirdim, mən daima Ninanın Məcidlə məşğul olduğunu görürkən, bütün yorğunluğumu unudur və sanki bütün ağırlıqları öz üstümdən atırdım. Ninanın yubandığını görən Təhminə xanım da mənim yanıma gəldi. O, daim bizi mehriban gördüyü zaman sevindiyindən ağlardı. Yenə də onun gözləri yaşarmışdı. Məcid onun bu vəziyyətini gördüyü zaman daim ona yazığı gəlirdi. Yenə də bizim yanımızdan qalxıb: – Ana, qorxma, nə üçün ağlayırsan? Mən naxoş deyiləm! – deyərək onun boynuna sarıldı və onunla məşğul olmağa başladı. Mən də bundan istifadə edib cşahzadən xanım Osipovanın məsələsinə başladım: – Sən o gecə vəliəhdin qoluna girən və onunla saraya gedən «şahzadə» xanımdan bir şey anladınmı? Nina gülərək: – Onun şahzadə olmadığı şübhəsizdir, – dedi. – Onun bütün danışıqları, rəftarı, oturub-durması, özünün şahzadə familiyasını daşıyan bir casus olduğunu göstərir. Məgər çar yandarmının əlində bu cür saxta familiyalar daşıyan casus qadınlar azdırmı? Hələ onun vəliəhdlə tanış olması və saraya daxil edilməsi üsulu da onun saxtalığını göstərirdi. Onun öz dediyinə görə vəliəhdin təsvirini gənc padşahın təsviri ilə bərabər Petroqradda bir fotoqrafın sərgisində görmüş və ona aşiq olmuşdu. Buna görə də vəliəhdlə qaibanə yazışmış və ona öz məqsədini bildirmiş, vəliəhd isə onun Təbrizə gəlməsinə icazə vermişdir. Qadın deyir ki, «vəliəhd razılıq versə həmişəlik İranda yaşamaq üçün islam dinini də qəbul edəcəyəmə. Nina bunları dedikdən sonra əlavə olaraq qeyd etdi: – Vəliəhd bu casusun əlindən asanlıqla qurtara bilməyəcəkdir. o, mahir bir casus olmasa belə, məşhur bir gözəldir. Şərq hökmdarlarma da belələri lazımdır. Mən: – Qoymarıq! – dedim. – Bu cür casusları çox görmüşük... ik. Çar konsulunun vəliəhdin qoluna verdiyi «şahzadə», xanım Osipövanı ifşa etmək üçün belə bir tədbir düşünmüşdük: vəliəhdin özünəməxsus farsca və fransızca blanklar çap etdirmişdik. Bu blankların birisində vəliəhd Məmmədhəsən Mirzənin adından Petroqrad knyazı Osipovun adına rus dilində belə bir məktub yazmışdıq: «Həşəmətli knyaz! Uca olan tanrının mərhəməti sayəsində, dövlətimizin şan-şövkəti və xanədanımızın nəcabəti həşəmətli knyaza məlumdur. Dövləti bəhiyyəyi-Rusiya ilə olan qonşuluq və dostluq münasibətimizi də uzun illərin tarixindən oxuya bilərsiniz. Ata-babalarımız bu dostluğu davam etdirdiyi kimi onun övladı da onu möhkəm saxlamağa çalışır. Son zamanlar mənim taleyimə düşən xoşbəxt bir təsadüf bu dostluğa daha təzə bir şəkil verdi. Həşəmətli knyaginyanın Təbrizə təşrif gətirməsi Rusiya imperatoru xanədanı ilə İran şahlığı xanədanının bir-birinə daha sıxı bağlanması üçün bir başlanğıc oldu. Şahzadə xanım Şəmsülimarəyə təşrif gətirəndən bəri özünü çox rahat hiss edir və İran vəliəhdi ilə olan görüşündən öz razılığını sizə, öz böyük qardaşına bildirmək istəyir. Şahzadə xanım ümid edir ki, siz bu qohumluqdan razı qaldığınızı kiçik və eyni zamanda şərəfli bir məktubla bizə bildirəcəksiniz. Bu məktubla bərabər şahzadə xanımın məktubunu da sizə göndərirəm. Hər ikimiz ümid edirik ki, bu məktubun cavabı bizim xoşbəxtlik bayramımızın xəbərini verəcəkdir. ı İmza: vəliəhdi-səltənəti-İran Məmmədhəsən Mirzə Təbriz, 10 yanvar 1916-cı il». ek ki İranın siyasi vəziyyəti ingilis və rus müdaxiləsi nəticəsində altüst olmuşdu. Çar qoşunu Tehranı işğal etmək üçün €Yeni imam adlı mövqedə durub, xariciyyə nazirinin əmrini gözləyirdi. Çar hökumətinə vicdanən və iqtisadən bağlı olan Fərmanfərma Tehranın işğal edilməsini tələb edirdi. Nəhayət, bu qədər təzyiqlər nəticəsində İran hökuməti Rusiya ilə İngiltərənin təklifi üzərinə bitərəfliyi pozub müharibəyə qoşulmağa razı oldusu da, ağır şərait təklif etdiyi üçün Sazonov onun bitərəf qalmasını məsləhət gördü. Əhməd şah dekabr ayının 13-də özünün sə!tənətdən əl çəkmək arzusunu elan etdi. Şahın səltənətdən əl götürmək şəraiti İngiltərə və Rusiya arasında müzakirə edilməyə başladı, onlar Əhməd şahın şəxsi təmini məsələsini öhdələrinə götürdülər. Lakin ingilislər Əhməd şahın İranı onlara tapşırıb getməsinə razı olsalar da, onun yerinə təklif olunan Məmmədəli şahın İrana gətirilməsinə razı olmurdular. Bununla da Sazonov Tehran səfirinə razılığı 29 dekabr tarixli məktubunda hərbi dairələrlə danışaraq Tehrana hərbi qubemator təyin edilməsini bir daha təklif edirdi. Tam bu günlərdə, bizim Təbrizdə aldığımız xəbərlərə görə Fərmanfərma İranın tamamilə Rusiya himayəsinə keçmək planını düzəldir və 1916-cı il yanvarın 6-da Tehran səfirinə təqdim edirdi. Hələ himayə məsələsi baş tutmadan belə, himayənin verəcəyi nəticələr meydana qoyulurdu. Şah Tehrandakı kazak briqadasının artırılmasına razılıq göstərir, şose və dəmiryolları, mədənləri işlətmək üçün imtiyazlar verir, bununla rus səfirindən az bir miqdarda rüşvət alırdı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Burada Nizamülmülk yerli hökuməti rüşvət müqabilində satdığı üçün mahallarda bir nəfər də olsa namuslu hakim və qubernator yox idi, onlar ancaq çar konsulunun buyruqlarını yerinə yetirir və İran xalqını nə vasitə ilə olursa-olsun çar konsullarının sərəncamına verməyə çalışırdı. Lakin çar konsulu Təbrizdə, başqa yerlərdə olduğu kimi, çox da cəsarətlə hərəkət edə bilmirdi. O, təbrizlilərin üsyanından qorxurdu. Çar təbəələri də iranlılara, başqa yerdə olduğu kimi, təcavüz edə bilmirdi. Azərbaycanda çar hökumətinə satılan hüquqlar hökumətin hüquqlarından ibarət idi. Bunları isə Nizamülmülkün özü satır və pullarını da öz sandığına yığırdı. Vəliəhdə gəldikdə, o da konsuldan müəyyən pul almaqla bərabər, cşahzadəə xanım Osipova ilə vaxtını keçirməkdə idi. Biz hələlik Nizamülmülkü ifşa etmək üçün hazırlıq aparır, eyni zamanda Petroqrada knyaz Osipova yazdığımız məktubun cavabını gözləyirdik. kok Rəfizadənin məsələsini bitirdikdən sonra amerikalı qızı görməmişdim. Qızın özü də sanki görüşlə maraqlanmırdı, çünki keçmişdə görüşməyə macalım olmadığı hallarda özü məni axtarar, heç olmasa məktub göndərib halımı soruşardı. Onunla görüşməyim lazım idi. Amerika konsulunun baş katibi Frikson xəstə idi, onun vasitəsilə heç bir xəbər almaq mümkün deyildi. Buna görə də miss Hannanı görməyə məcbur idim. Bu gün nə olursa-olsun onu görməli və siyasi vəziyyətlərlə tanış olmalı idim, çünki axşam saat 11-də vəliəhdin «şahzadə) xanım Osipovanın ad günü münasibəti ilə ziyafətinə getməli idim. Vəziyyətdən xəbərdar olmadan vəliəhdin yanına getmək bizə heç bir mənfəət verməyəcəkdi, orada özümüzü nə cür aparmalı və nə kimi mövzularda söhbət etməli idik, bunu hələ müəyyənləşdirməmişdik. Amerikalı qız həmişə saat dörddə konsulxanadakı vəzifəsindən evinə qayıdırdı. Bu saatlarda onunla görüşə bilməsəydik, axşam saat 8-də heç də mümkün olmayacaqdı, çünki evinə doqquzda gedib, saat on birdə qayıtmaq mümkün deyildi, onun yanında uzun saatlarla oturmaq lazım gəlirdi. Saat dörd tamamda qapını vurdum, qoca xidmətçi yenə başı tərpənə-tərpənə və həyatına istehza yağdıran adamlar kimi gəlib qapını açdı, lakin məni görcək həddindən artıq sevindi. – Kiçik xanım evdədirmi? - deyə soruşduqda, üzümə təəccüblə baxaraq: – Bəli, evdədir, – dedi. Miss Hanna daim qapı vurulduğu zaman pəncərəyə yanaşaraq kimin gəldiyini yoxlayırdı. Buna görə də mən pilləkənlərdən qalxarkən pəncərəyə baxırdım. Lakin orada heç kəsi görmədim. Miss Hannanı nahar süfrəsini döşəyən gördüm. Lakin salamımı səmimi dost salamı kimi qəbul etmədi, əlimi ona uzatdım, üzümə baxmadan: – Bağışlayın, əlim təmiz deyildir, – deyə əl verməkdən boyun qaçırdı. Mən onun dəfələrlə küsdüyünü görmüşdüm, lakin o küsdüyü zamanlarda da məni yoxlamaq üçün ara-sıra gözünün ucu ilə baxardı. Bu dəfə isə heç bir dəfə də baxmadı. Çıxılmaz vəziyyətdə idim, onun özü də bu vəziyyətdə idi: nə edəcəyini bilmirdi. Heç lazım olmadığı halda qabın birisini götürüb, o birisini qoyurdu, gah bir qabı içəri otağa aparır, yenə də geri gətirib süfrəyə qoyurdu. Çöhrəsini diqqətlə nəzərdən keçirdikdə onda bir yorğunluq hiss edirdim. Ondakı bu yorğunluq fikir və düşüncə yorğunluğu idi. Sanki onun çöhrəsi uzun illər daşımış olduğu arzuların qəti bir ümidsizliklə nəticələndiyini bildirirdi. Onun küskün baxışlarını yoxladıqda yalnız məndən deyil, tamamilə həyatdan küsdüyünü görmək olurdu. Bizi onunla olan yeddiillik tanışlığımızın solğun və küsdürücü günlərini nəzərə aldıqda mən özümü bir gəncin həyatına sui-qəsd hazırlayan cani kimi düşünür və qızın üzünə baxmaqdan utanırdım. Doğrudan da, mənim bu yazıq qıza qarşı aldığım vəziyyət bir insana qarşı qeydsizlikdən başqa bir şey deyildi. Mən düşünür və öz-özümə sual verirdim: mən bir hakim olsaydım, sevgisi üzündən aldanan və gənc həyatının qiymətli illərini ümidsizlik içərisində keçirən bir qız özünə qarşı qayğısızlıq göstərən bir kişidən mənə şikayət etsəydi, onun şikayəti haqqında necə hökm çıxarardım? Özüm özümə belə cavab verirdim: “İllər uzunu bir gəncin ilk sevgilərini ümidsizliklə nəticələndirən, onun gənc arzularını qıran və bir qadına qarşı bu qədər laqeyd hərəkət edən bir adamı bir qatil kimi cəzalandırardımp. Məni kim cəzalandıracaqdı?1 Olsa-olsa bir vicdan əzabı! Bir ruh əziyyəti! Daimi bir məchulluq, daha doğrusu, daimi bir xatirənin acıliqlarıl.. eMən nə üçün yeddi ildən bəri qıza özümün başqa birisinə bağlı olduğumu bildirmədim?1 Nə üçün onunla bir aktyorun oynadığı mənfi rolu oynadım?1 Nə üçün onun mənə olan sevgisinin dərinləşməsinə imkan verdim?1 Nə üçün özümə daimi sevgisini elan edən, məni özünə həmişəlik həyat yoldaşı etməyə çalışan səmimi bir gənci ikiüzlü adamlar kimi qarşıladım, onu öz mənfəətimiz üçün istifadə etdim? Məgər bu qız olmasaydı inqilab hərəkatı irəli getməyəcəkdimi?1 Bu səhv də onunla görüşdüyümüz günlərdən başlamışdı. Mən indi-indi anlayırdım ki, hər bir kişi nə qədər vüqarlı, təmkinli, bilikli və təcrübəli olsa belə, yenə də gözəl və gənc bir qadınla yan-yana oturduğu zaman özünü unudur, dediyi sözlərin aqibətini düşünmür. Kişilər bu xəstəliyə tutulmuş ikən, qadınların da kişiləri cəlb etmək üçün öz gözəlliklərindən sui-istifadə etdikləri unudulmamalıdır. Bunun nəticəsindədir ki, həm kişilər, həm də qadınlar həyatda səhv buraxmağa məcbur olurlar, daha açığı, həyatda aldanırlar. Nəüüçün o, tanımadığı bir gəncə çox sürətlə bağlandı? Onun Livarcan yaylasındakı birinci göz yaşları nə üçün idi? Bu nəyə lazımdı? Nə üçün də mən gələcəyi və özümün başqa bir adama bağlandığımı nəzərə almadan ona: (Sənin iradən xaricində heç bir şey etməyəcəyəmə – dedim? Bir səs eşitdim, bu səs məni sanki ağır bir yükün altından çıxardı, bu səs məni sanki bir uçurumun qarşısından qapdı, əzici düşüncələrin əlindən qurtardı. Bu: – Durub süfrəyə əyləşin! – deyən miss Hama idi. Şübhəsiz ki, o mənim çıxılmaz vəziyyətdə olduğumu hiss etmişdi, buna görə də vəziyyəti yüngülləşdirmək istəyirdi. Başımı qaldırıb baxdıqda qızın ayaq üstündə durub məni gözlədiyini gördüm. Ayağa qalxdım və heç bir söz demədən süfrə başına keçdim. Qız mehriban və əziz bir qonağa xidmət edən kimi mənə xidmət etdi. O, yenə də məni yedirməyə çalışırdı. Mən, doğrudan da, qızın bizə olan xidmətlərini və şəxsən mənə bəslədiyi sevgini xatırlayaraq utandığımdan necə yediyim və süfrə başında necə oturduğumu hiss etmirdim. Şübhəsizdir ki, bu sükut uzun çəkməyəcəkdi. Qızın tənqid və bəlkə də, təhqiredici sözlərini eşidəcəkdim. Hər halda qızın acığını yatırmaq üçün də düşünürdüm. Qızı tamamilə atmaq və onun gözünə görünməmək yaramazdı, onunla olan əlaqəni bir dostluq əlaqəsi şəklində olaraq saxlamaq lazım idi. Mən başım aşağıda düşünür və çəngəl-bıçaqla qurdalanırkən bir daha qızın səsini eşitdim: – Kişilər xəsis və qorxaq olmamalıdır! Qızın bu sözü yenə də fikrimi darmadağın etdi, çünki mən xəsis və qorxaq deyildim. Amerikalı qızın həyat və məişətini təmin etmək üçün hər cür vasitələrlə ona yardım etmişdim. İkincisi də, qız mənim qorxaq olmadığımı çox gözəl bilirdi. Buna görə də qıza sual verdim: – Sözünüzün mənasını anlamadım. O, qaşlarını dartıb, mənim üzümə baxdı və: – Bu vəziyyət sənin bir kəlməni demək üçün xəsislik etdiyindən doğdu. Sən bir kəlməni demək istəmədin, onu mənə deməkdən qorxdun. – Hansı kəlməni? – O qızın varlığını. – Bunu sizə deməyə lüzum var idimi? – Sənin üçün lüzum yox idi, lakin mənim üçün lazım idi. İndi deyin görüm o kimdir?1 – Məgər sən onu tanımırsanmı? – Son günlər tanıdığım qədər tanımırdım. O kimdir? Mən Ninanı müəyyən bir çərçivə içərisində amerikalı qıza tanış verdim və sözümün axırında: – Həmin qız səni çar )andarmının əlindən və sürgünlərdən qurtaran qızdır, – dedim. – O qız çar konsulxanasından sənin həbs edilməyinə dair xəbəri mənə gətirən qızdır, indi tanıdınmı? Miss Hamna bir qədər danışmadı və bir azdan sonra başını qaldırib mənə sual verdi: – Mənim başıma gətirdiyin oyunları onun başınadamı gətirirsən? – Hərgah bizim bu dostluq əlaqəmiz bir oyun hesab olunursa, bəli, onunla olan dostluğun şəkli də səninlə olan dostluğumuzun şəklindədir. – Mən bunu doğru hesab edə bilərəmmi? – Bəli, buna əmin ola bilərsən! Miss Hannanın vəziyyəti qismən dəyişdi. Rənginin dəyişməsi, çöhrəsinin şad bir şəkil alması onun bu sözlərdən razı qaldığını ifadə edirdi. Aramızda sülh əmələ gələn kimi idi, onun özü də bunu iqrar edərək dedi: – Səni görmədən çox şeylər düşünürəm, sənə öz narazılığımı demək üçün cürbəcür cümlələr yaradıram. Dərdlərimi, qəmlərimi təsvir etmək üçün müxtəlif şivələr ixtira edirəm: lakin səni görən kimi bunların hamısı unudulur: – Qız bu sözləri deyərək bir az dayandı, sonra da yavaşdan: – Kim bilir, bəlkə də, bütün bu düşüncələr səni görmədiyim üçün doğulurmuş, - dedi. Ona sual verdim: – Təzə xəbər vardırmı? – Vardır! – dedi. – Rusiyanın baş naziri Əhməd şaha ayda 30 min tümən təqaüd təxsis edibdir. Bunu xariciyyə naziri Sazonov Tehran səfiri Etterə göndərdiyi 1916-cı il 14 yanvar tarixli teleqramında qeyd edir. İranın istiqlalına xatimə vermək üçün Rusiyanın hərbi dairələri yanvarın 10-da Türkiyənin İran səfirini həbsə almışdır. Bu hadisə heç bir məmləkətdə görünməyən bir hadisədir. Bununla da çar hökuməti aləmə bildirmək istəyirdi ki, artıq İran bir hökumət olaraq meydanda yoxdur. Amerika konsulxanasından alınan xəbərlərə görə Amerikanın İngiltərə-Rusiya-Fransa mənfəətinə olaraq hərəkət etməsi məlum olmuşdur. – Təbriz konsulxanalarından nə xəbər vardır? – Vəliəhdin çar pulu ilə yaşadığı məlumdur. – Bu gecə vəliəhd «şahzadə» xanım Osipovanın ad günü ziyafətini təşkil etmişdir. Amerika konsulxanası işçiləri də ziyafətə çağırılmışdırmı? – Bəli, çağırılmışdır. – Sən də gedəcəksənmi? – Gedəcəyəm. – Orada görüşərik... – Sənin Ninan da orada iştirak edəcəkdirmi? – Bəli, edəcəkdir. Rica edirəm ki, sən orada Nina ilə yaxından tanış olasan və həmin tanışlığı həmişəlik dostluq şəklinə salasınız. – Hərgah o, qısqanc bir qız deyilsə, nə eybi var? – Sən onunla tanış olduqdan sonra, onun nə qədər mehriban və namuslu bir adam olduğunu görəcəksən. O səni sevəcək, öz doğma bacısı kimi qəbul edəcəkdir. Amerikalı qız mənim sözlərimdən sevindi və əlavə olaraq soruşdu: – O qız sənin evindəmi yaşayır? – Xeyr! Onun özünün evi və xidmətçisi vardır. Onun 11 yaşında Məcid adlı bir oğlu da vardır. Miss Hama təəccüblə soruşdu: – Onun öz oğludurmu? – Oğlu deyil, lakin doğma oğlundan da artıq istəyir. Mən Məcidin, onun anası Zeynəb bacının və Cavad ağanın əhvalatını əvvəlindən axırına qədər miss Hannaya söhbət etdikdən sonra o, Ninanı bir daha xatırlayaraq: – O, nə qədər mehriban və səmimi qızdır! – dedi. * * * Şəmsülimarə bina olduğu gündən bu cür bir təntənəni görməmişdi. xŞahzadəə xanım Osipovanın ad günü münasibəti ilə düzələn bu təntənəli ziyafət İran padşahının taxta oturduğu gün düzələn təntənədən daha rövnəqli idi. Bu təntənəyə İran şahzadəsi Rusiyadan aldığı rüşvət və sahib olduğu maaşdan başqa özünə anasından miras qalan 12 karatlıq bir brilyant üzüyü də Məşədi Kazım ağaya satıb xərc etmişdi. Ziyafətdə atəşbazlıq etmək İran şahzadələrində adət olduğu üçün Məmmədhəsən Mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. Ziyafətə gələn qonaqlar balkona çıxıb atəşbazlığa tamaşa edirdi, havada açılan fişənglərdə «şahzadə xanım). kəlmələri oxunurdu. Bu ziyafətdə istər Nina, istərsə də amerikalı qız qonaq qadınlar içərisində birinciliyi qazanırdı. Onların üzərindəki qiymətli daşlar, geyindikləri nəfis paltarlar şahzadə xanımın? diqqətini cəlb etmişdi. İngilis və Amerika konsulları xşahzadəə Osipovaya əhəmiyyət verməyərək, Nina ilə tanış olmaq və amerikalı qızla məşğul olmaqla maraqlanırdılar. Amerikalı qız Ninadan ayrılmırdı, çünki o, Nina ilə əl-ələ verdiyi zaman ondan heç gözləmədiyi bir məhəbbət görmüşdü. Nina onun boynunu qucaqlayıb dodağından öpdüyü zaman amerikalı qıza baxırdım. Onun gözlərindən sevinc yaşları axırdı. Vəliəhd ilə «şahzadə xanımə qol-qola salonda dolandığı zaman mən həqiqətdə də özümü bir ziyafət salonunda yox, bir teatr salonunda hiss edirdim, çünki orada danışılan sözlərin, baxışların və hərəkətlərin hamısı buranın bir ziyafət salonu olmadığını göstərirdi. Çar konsulunu təbii halında görmürdüm. O, bir məğlubiyyətin qara xəbərini eşidən adamlara bənzəyirdi. Bir yerdə oturmağa aramı yox idi. Gah Yemelyanov, gah ingilis konsulu, gah da Amerika konsulu ilə bir-iki kəlmə danışaraq ayağa qalxır və papiros yandırırdı. «Şahzadə xanım? da özündə deyildi, o sanki özünün daşıdığı bu ada inanmırdı, gözlərini onun-bunun ağzına dikərək onların nə danışdıqlarını öyrənməyə çalışırdı. Çar konsulunun və «şahzadə xanıməın bu vəziyyəti məni düşündürürdü. Vəziyyətin acı bir hadisə ilə əlaqədar olduğu şübhəsiz idi. Buna görə özüm də həddindən artıq rahatsız idim. Şam süfrəsində danışılan sözlər də məni yormuşdu. İngilis kralın və Rusiya imperatorunun əzəmətinə deyilən təriflərin hamısı bu iki hökumətin əlində oyuncaq olan cşahzadəyəə yapışdırıldığı zaman mən utanır və tər tökürdüm. Şam süfrəsi başından qalxdıqdan sonra musiqi və rəqs salonuna keçdik. Vəliəhd də öz xanımı ilə Nina və amerikalı qız gəzən dəstəyə qoşuldu. Bir neçə baş o tərəf-bu tərəfə dolandıqdan sonra vəliəhdin xacəbaşısı içəri girib şahzadəyə gümüş padnosun içində bir məktub təqdim etdi. Vəliəhd məktubu alan kimi paketin üstünü oxuyaraq: – Petroqraddandır. Bizim həşətəmli knyaz yazmışdır, – deyərək məktubu açdı və mənə müraciətlə: – Gərək ki, rusca siz yaxşı oxuyursunuz, – dedi və məktubu mənə uzadaraq qabağıma düşüb getdi. O, yazı otağına girib qapını bağladı. Mən məktubu oxumağa başladım: «Həşəmətli şahzadə! 10 yanvar tarixli məktubunuzu aldım. Xanədanınızın nəcibliyi və özünüzün Rusiya imperatorluğu ilə olan səmimi dostluğunuzu təsdiq etməklə bərabər, bacım haqqında yazdığınız bir neçə cümlənin heyrətimə səbəb olduğunu sizə bildirmək istəyirəm. Mənim bacım Petroqraddadır, özü də xəstədir. Osipovlar ailəsinə mənsub olan qadınlardan bir nəfər də olsa əcnəbi məmləkətlərdə yoxdur. Bu barədə Təbriz konsuluna da məsələnin yoxlanılması və bizim familiyamız altında İran saraylarına soxulan qadınların kimliyini təyin etməsi tapşırılmışdır. K.Osipov Petroqrad, 29 yanvar 1916 p. Vəliəhd qulaqlarına inanmayan adamlar kimi gözlərini mənim üzümə dirəyib mat-mat baxmağa başladı və dəli olan adamlar kimi farsca: – Xudavənda, in çi rusvaist? "—deyərək titrədi və mənə sual verdi: – Doğrumu söyləyirsiniz? Bu məktub, doğrudan da, knyazdandırmı? Mən ona knyaz Osipovun özünəməxsus çap olunmuş blankın üstündə yazılmış məktubun imzasını göstərdim. – Özünüz ki, az-çox rusca oxuya bilirsiniz, buyurun, boş vaxtiniz olduğu zaman məktubu bir daha oxuyarsınız. Doğrudan da, həzrəti-vala üçün bu hadisə böyük bir rüsvayçılıqdır. – Mən bilmirəm ki, bu məktubu knyaza mənim dilimdən kim yazmışdır? – Bu barədə də düşünmək və bu adamı axtarmaq lazımdır. – İndi mənim çarəm nədir? Mən nə edə bilərəm? Mənim Tehranın yanındakı mərtəbəm də bərbad oldu. Bu nanəcib qadın kimdir? Konsul nə üçün naməlum qadınla məni tanış edir? – Həyəcan və təlaş göstərmək lazım deyil. Həzrəti-vala özünü itirməməlidir. Siz bu məsələni ziyafətdəki qonaqlara da hiss etdirməməlisiniz. Ancaq fürsət olduğu zaman bunu cənab konsula buyurarsınız, o sizin dostunuzdur, özüdə ağıllı adamdır, hər nə məsləhət görərsə, elə də etməlisiniz, çünki bu rüsvayçılıq yalnız həzrəti-valanın deyil, eyni zamanda cənab konsulunda nüfuzunu ləkələyə bilər. Vəliəhd yenə də yanılaraq farsca: – Qurban qeyrəti-şüma!? – dedi. – Bu məsələni heç kəs bilməsin. öz yanımızda qalsın. : İlahi, bu nə rüsvayçılıqdır?1 7 Qeyrətinə qurban olum. – Mənim də fikrim budur. Gərək bir kimsə bilməsin, – deyərək qalxdım. Mən salona girəndə çşahzadəə xanım da gözünü qapıya dikərək vəliəhdi gözləyirdi. Lakin vəliəhd salona gəlmədi. Mən bir tərəfdə oturub Nina ilə rəqs eləyənlərə tamaşa edirdim. Bir neçə dəqiqədən sonra gəlib general-konsulu çağırdılar. Heç şübhə yoxdur ki, onu vəliəhd çağırmışdı. Konsul çox yubandı, gecə keçirdi, qonaqlar vidalaşmaq üçün vəliəhdi gözləyirdi. Lakin vəliəhd salona girmirdi, xacəbaşı gəlib məni çağırdı, mən qonaqlara hiss etdirmədən getdim. Konsul və vəliəhd kiçik bir kitabxanada oturmuşdu. Konsulun çöhrəsi böyük sərvəti uduzmuş qumarbazın çöhrəsini təsvir edirdi, vəliəhd isə başını əlləri arasına alıb oturmuşdu. Onun bütün varlığı konsula qarşı etiraz bəslədiyini göstərirdi. Konsul məni görən kimi: – Əyləşin dostum! - dedi. – Bu cür işlər çox olur. Qadınlar belədir. Onları qılafından çıxarıb içərisini öyrənmək mümkün deyildir. Onların soğan kimi yüzlərlə qabığı vardır. Çar konsulu qadınları bu cür sözlərlə təsvir etdikdən sonra çiynimə qoyub: – Çox yaxşı oldu ki, bu sirr başqalarının əlinə düşmədi, çünki bu kimi işlər başqalarına bildiriləcək işlər deyil, burada hökumətin nüfuz məsələsi vardır. Rica edirəm ki, bu sirr aramızda qalsın. Mən çar konsuluna bu sirrin gizlində qalması üçün söz verib salona gəldiyim zaman, bir çoxları getmişdir. Biz Nina ilə bərabər salonu tərk etdikdə cşahzadəə xanım irəli gəlmədi, o bizim onun yanına gedib vidalaşmaq üçün icazə istəyəcəyimizi gözləyirdi. Biz ona əhəmiyyət vermədik, ancaq qapıdan çıxarkən dönüb arxaya baxdıqda «şahzadə? xanımın rəqs salonunda təkcə durub düşündüyünü gördüm. Şübhəsiz ki, çar casusu xanımlığının bu anlardan başlayaraq bitdiyini düşünürdü. * * * İkinci inqilab komitəsi? Bu gün tezdən amerikalı qız məni telefona çağırdı: – Təzə bir hadisə barəsində danışmaq üçün səninlə görüşmək lazımdır, – dedi. Mən onun boş günü olduğunu bilmirdim, buna görə də telefonla ona dedim: – Bu gün işləmirsinizmi? – Xeyr, bu gün istirahət günüdür, hər vaxt istəsən gələ bilərsən. Mən saat on birdə amerikalı qızın evinə getdim. Qız yenə də məni əvvəlki məhəbbətlə qəbul etdi, onun mənimlə olan dostluq əlaqəsində heç bir dəyişiklik görmədim. Qız məni nə üçün yanına çağırdığından söhbət açmazdan qabaq Amerika konsulunun əldə etdiyi bir neçə vəsiqələri gətirib göstərdi. Bu mühüm vəsiqələrdən birisi Rusiyanın Tehran səfiri Etterin Petroqrada, xariciyyə nazirinə göndərdiyi gizli teleqramdan ibarət idi. «Tehran 1 mart 1916 Tehran səfiri Etterdən Xariciyyə naziri Sazonova: Fərmanfərmanın Rusiya dövlətindən rüşvət alaraq məmləkəti satdığını əsas tutmaqla Tehranda beş yüz nəfər ruhani və tacir bəstə oturmuşdur. Bəstə oturanlar onun baş vəzirlikdən istefa verməsini tələb edirlər. Bu gün Fərmanfərma istefasını verdi. Süpəhdarı baş vəzir təyin etmək istəyirik. Lakin hələlik o, tərəddüd göstərir, bu vəzifəni götürmək istəmir. Yaxşı olardı ki, sabah padşahın özünə də bir yüz min manat verək və ingilislərlə bərabər ayda ona 15 min tümən maaş təyin eləyək. Fərmanfərmanın özünə də para yardımı vermək lazımdırə. Amerikalı qız bu vəsiqələri mənə verdikdən sonra: – Çar və İngiltərə dövlətləri İran istiqlaliyyəti məsələsini həll etmişlər. Onlar artıq bu ölkəni müstəqil bir ölkə kimi tanımırlar. – dedi. Mən isə onun cavabında: – Sən tamamilə başqa cür düşünməlisən, – dedim. - İndi İran məsələsi yox, bütün kiçik dövlətlərin müqəddəratı həll olunur. Müharibə bitmədən bu məsələlər haqqında danışmaq və peyğəmbərlik etmək artıqdır. Hələ oyun davam edir, dünya müharibəsinin əliqanlı aktyorları özünü çox da fəna hiss etmir. Bizim vəzifəmiz isə bu qanlı əsərin finalını gözləməkdən ibarətdir. Mən qızla danışarkən, eyni zamanda İranın vəziyyətini düşünürdüm. çünki Təbrizdə hökumətə məxsus elə bir hüquq yox idi ki, onu çar hökuməti öz əlinə almamış olsun. İran hökuməti ilə çar və ingilis dövlətləri hər bir alış-verişi mərkəzdə həll edirdi. Yerli hökumət və mahal hökumətləri isə göstərişləri İranın mərkəz hökumətində deyil, məhəlli çar konsulları və konsul agentləri tərəfindən alırdılar. Təbrizdə Azərbaycan valisi Nizamülmülk və hətta vəliəhdin özü də evinə qapanıb oturmuşdu. İran hökuməti son günlər çar konsullarının icraiyyə orqanı vəzifəsini daşıyırdı. Çar konsulları götürmək istədikləri hakimlər haqqında Tehrana əmr verir, Tehranda hökumət kabinəsi isə onu vəzifəsindən çıxarmaqla konsulun verdiyi namizədlərdən birisini təyin edirdi. Yerli hökumətlər heç bir kəsə nüfuzunu göstərə bilmirdi. Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrəşmişdi. Təbrizdə Sahibüləmr meydanında düzülüb iş gözləyən hambalların bəziləri də öz haqqının düzgün verilməməsinə qarşı iran- İlmi hədələyib: «Gözünü yaxşı aç, məni yaxşı tanı! Mən konsulun atlarının saman və arpasını daşıyan adamam hal» deyirdi. Çar konsulu isə son günlər Təbrizdə işləyən gizli əlləri tapmaq üçün cürbəcür çarələr düşünürdü. Buna baxmayaraq, onun düşündüyü bütün hiylələr ifşa edilməkdə idi. Mənim zənnimə görə, amerikalı qız bu cür söhbətlərdən danişacaq və çar konsulunun təzə təşəbbüslərindən xəbər verəcəkdi. Qız hər söhbətdən sonra: – Nizamülmülkün çar konsulxanasına göndərdiyi məktubdan xəbəriniz varmı? – deyə soruşduqda mən: – Xeyr, yoxdur dedim. – Nina xəstə yatdığı üçün on gündən bəridir ki, konsulxanada mövcud olan vəziyyətdən xəbərimiz yox idi. Miss Hanna Nizamülmülkün çar konsuluna yazdığı məktubun surətini çıxarıb göstərdikdə mən ona sual verdim: – Bu məktubları çar konsulxanasından ələ keçirməkdə məqsədiniz nədir? – Madam ki, çar konsulxanasında çalışan zabit bu vəzifə üçün Amerika konsulxanasından müəyyən para alır, orada olan lazımlı və lazımsız vəsiqələrin hamısını gətirməlidir. Mən məktubu aldım. Bu, Təbrizin vəziyyətini xarakterizə etmək üçün çox lazımlı bir məktub idi. “Cənab konsul! Hazırda Təbriz şəhəri işsiz və kimliyi məlum olmayan qadınlarla doludur. Onlar Təbriz şəhərinə İran yerli idarələrinin icazəsi və bizim sərhəd məmurlarımız tərəfindən verilmiş vəsiqələrlə gəlməmişdir. Buna görə də onlar heç bir inzibati idarədə qeyd olunmamışlar. Yerli inzibat idarələri onların müdafiəsini öz öhdələrinə götürə bilməz. Hazırda İrana kömək üçün pasport almaq üsulu Rusiyanın hərbi dairələri tərəfindən ləğv edilmişdir. İndi İrana hər kəs istərsə, Rusiyanın hərbi ləvazimatı daşıyan karvanlarına qoşulub keçə bilər. Buna görə də Təbriz şəhəri işsizlər və kimliyi naməlum kişilər və qadınlarla doludur. Bunları cənab konsulun bəzərinə yetirdikdən sonra bir daha əlavə etməyi lazım bildim: rus qadınlarının hansı bir dövlət təbəəsi tərəfindən qarət olunduğunu yuxarıda cənab konsula göstərdiyimiz səbəblər nəticəsində təyin etmək mümkün deyildir. Qadınları harada qarət etmişlər? Hərgar şəhərin kənarında və özlərinə naməlum bir yerdə soyulmuşlarsa, o zaman cənab konsul qadınların o cür yerlərə nə üçün getdiyini təyin etməlidir. Təbrizdə inzibati qüvvələrinin fəaliyyət qüvvələrini artırmaq və onlardan iş tələb etmək də mümkün deyil. Onları sıxışdırmaq olmayır, hər bir hadisədə cənab konsul erus təbəələrini incidirsizə, deyə bizə tələbat verir. Rus təbəəsi və rus himayəsində olmayanlar da vergi verməmək üçün sizin təbəəniz olmağa və himayənizə girməyə can atırlar. Hazırda hökumət idarəsində xidmət edənlər bir neçə aydır ki, maaş almamışdır. Təbrizdə işləyən gizli əlləri tapıb konsulluğa təslim etmək işi də mümkün deyildir, çünki şəhərin inzibat işləri və axtarıcı təşkilatlarının vəzifəsini rus hərbi dairələri aparır. Yerli hökumət heç bir kəsə yanaşa bilmir, yerli hökumətin şübhələndiyi adamların cibindən rus hərbi dairələri və rus konsulxanası tərəfindən verilən vəsiqələr çıxır. Bu məktuba əlavə olaraq miss Hanna çar konsulxanası tərəfindən Amerika konsulxanasına göndərilmiş rəsmi bir məktub da göstərdi. Məktubda təbrizlilərin avropalılara hücum etmək hazırlığında olması, rus, polyak və sair avropalı qadınların soyulması və yerlilərin tez-tez onlara təcavüz etməsi, buna görə də çar konsulxanasının qəti tədbirlər görmək məcburiyyətində qalması yazılmışdı. Amerikalı qız mənə sual verdi: – Qadınlara təcavüz edilməsi məsələləri doğrudurmu? – Doğrudur. Mən bu barədə Nizamülmülkün çar konsuluna vazdığı məktubuna tamamilə şərikəm. Amerikalı qız başına hərəkət verərək: – Çar konsulxanasında başlamış təzə bir hazırlıq haqqında danışmaq üçün səni çağırmışam, - dedi. – Oradan aldığımız xəbərlərə görə Təbrizdəki demokrat təşkilatını və onların inqilabi komitəsini əldə etmək üçün müəyyən adamlardan ibarət yeni bir demokrat təşkilatı və onların inqilab komitəsini təşkil etmək istəyirlər. Bunu sənə xəbər verməyi Frikson da mənə tapşırmışdır, çünki özü xəstə olduğu üçün sizinlə görüşə bilmədi. – Çox razıyam, – dedim, - lakin səndən bir ricam vardır: lazımi tədbirlər görmək üçün həmin təşkilatın üzvlərini öyrənməli, hər necə olursa-olsun bu adamların siyahısını gətirməlisənl Miss Hanna əli əlimdə ikən: – Ona əmin ola bilərsən, – dedi. əki Amerikalı qız çar konsulxanasının təzə demokrat təşkilatı düzəltdiyini xəbər verdikdən sonra biz bütün təşkilat üzvlərinə bu barədə xəbər vermiş və onlara ehtiyatlı olmalarını tapşırmışdıq. Bizim qorxumuz xalça, əba və kisə fabriklərindən idi. Bu fabriklərdə çalışan fəhlələrin 35 faizini təşkil etmişdik. Lakin onların hamısı gənc və təcrübəsiz idilər. Onlar yalançı demokratların toruna çox asanlıqla düşər və bizim sirlərimizi ələ verə bilərdilər. Buna görə də onların hamısı ilə söhbət aparır və ehtiyatlı olmaları tapşırılırdı. Hələlik bu təşkilatın tərkibini öyrənə bilməmişdik. Bunların haradan və nə cür işə başlamaları da məlum deyildi. Bizim özümüz də qeyri-adi bir vəziyyət almışdıq, bizə hər kəs yaxın düşürsə, onu çar casusu və xəfiyyəsi hesab edirdik. Tanışlar və tanış olmayanlara adi sözləri belə danışmağa cəsarət etmirdik. Buna görə də bir çoxları bizə şübhəli nəzərlərlə baxırdı. Lazımi məsələlərdən ötrü müşavirə çağırmaq da mümkün deyildi. Vəziyyəti tezliklə öyrənməli idik. Bu məsələdən on beş gün keçirdi. Bu gün səhər tezdən təzə dinqilab komitəsinin divarlara intibahnamələr yapışdırdığı xəbərini aldıq. Bunu yalançı təşkilatın «inqilab komitəsi» buraxmışdı. Bununla da təzə xəfiyyə təşkilatı intibahnamələri oxumaq üçün yığılan xalqın əhvali-ruhiyyəsini öyrənmək və xalqın fikrindən xəbərdar olmaq istəyirdi. Lakin Təbriz xalqı xəfiyyə təşkilatının bu intibahnamələrinə çox da əhəmiyyət vermədi, çünki intibahnamələr mövzu və mündəricə etibarilə çağırıcı deyildi. Çar konsulunun göstərişi ilə düzələn vərəqlərin məzmunu bundan ibarət idi: dTəbriz camaatı! Qanlar və qurbanlar bahasına əldə etdiyiniz inqilab məhv olur. Lakin inqilabi fikirlər heç bir zaman məhv olmur! Hazırda Azərbaycan əyaləti zalım Nizamülmülkün və əyyaş vəliəhdin idarəsi altında əzilir. Məmləkətin gəlirini müftəxorlar və zalımlar yeyirlər. Siz Rəhim xanları və sairləri məğlub edən təbrizlilərsiniz. İndi artıq vəliəhdi və zalım Nizamülmülkü qovmaq vaxtıdır. İndi artıq siz özünüzü idarə etməlisiniz. Sizin zülmə qarşı soyuqqanlı olmağınızın hər bir dəqiqəsi məmləkəti illərcə geri salır. Zalımlarla hesablaşmaq üçün birləşin! İnqilab komitəsi sizin zalımlara qarşı başladığınız hər bir təşəbbüsü müdafiə edəcəkdir, siz köməksiz deyilsiniz. Öz evinizin ixtiyarını mərkəzdən kənar gələn yadların pəncəsindən qurtarın! İnqilab komitəsiə. Biz, həqiqi inqilab komitəsinin bu intibahnaməyə cavab verməsi işini təxirə salmağı qərara aldıq. Buna cavab vermək əhalinin fikrində bəzi qarışıqlıqlar da törədə bilərdi. Biz bu təşkilatın tərkibini öyrənməli, onları tamamilə ifşa etməli idik. Lakin bu təşkilatı öyrənməyimiz çox uzun çəkdi. Nə Nina, nə də amerikalı qız konsulxanalardan bir xəbər gəürə bilmədi. Nəhayət, xalça, əba və kisə fabriklərinin qapısında müəyyən adamlar qoyub o tərəflərdə dolananları və işçilərə yanaşıb söhbət edənləri öyrənməyə çalışırdıq. Qəssab və çörəkçi dükanlarının qabağındakı növbələrdə, məscidlərdə, qəbiristanlarda belə adamlar qoyub danışılan söhbətləri öyrənirdik. Gündüz saat on ikidə Dəvəçi qapısında olan çörəkçi dükanının qabağındakı növbədə çörək üstündə vuruşma olmuşdu. Təbrizdə hər bir iş yoluna qoyulduğu halda belə, çörək məsələsi düzəlməz bir məsələ idi. Növbə üstündə düşən vuruşmada bir nəfər gödəkboylu çopur, bir qılçası da şikəst kimi görünən adam tez-tez: «Düzəldərik. O qədər çəkməz ki, düzəldərik. Bura Təbrizdir. Buradan yüzlərlə Səttar xan çıxırə – deyə ona-buna müraciət edirdi. Quluzadə artıq bu adamdan ayrılmadı. Onunla bərabər Novbər qapısına və Səfi bazarçasına, Ləklər küçəsinə və sair yerlərə qədər getdi, lakin həmin adam yenə də camaat toplanan yerlərdə xalqa müraciət edərək, bayaqkı sözləri deyirdi. Quluzadə bütün günü həmin adamın dalınca gəzdikdən sonra onu Qaraməlik məhəlləsindəki evinə ötürüb mənim yanıma gəlmişdi. Biz daha onun evini gözdən kənar buraxmadıq. Gecə-gündüz onun evinin yanında qarovulumuz dururdu. Gecə saat on birdə həmin adam evindən çıxıb Əmrəxiz məhəlləsində Sərrac Əliqulu adlı bir adamın evinə gəlir, orada yarım saat təxir etdikdən sonra ikisi də birlikdə çıxıb Quruçay tərəfinə gedir, məhəllənin axırında bir evə girirlər. Oradan iki nəfər də özləri ilə bərabər götürüb polkovnik Krılovun mənzilinə gedirlər. Biz bununla məsələnin tamamilə içərisinə girə bilməsək də, sapın ucunu ələ keçirmişdik. Lakin onun dərinliyinə getmək üçün düşünülən tədbirlər cürbəcür idi. Yoldaşlardan bəziləri onlara qoşulub işləməyi məsləhət görürdü. Bu vasitə əlverişli bir vasitə deyildi. Bununla biz onları öyrənmək istədikdə onlar da bizi öyrənə bilərdi. Ən gözəl tədbir bu təşkilatı idarə edən adamı tapmaqdan ibarət idi ki, bunun üçün də qərar çıxardıq. Dörd-beş günün təftişindən alınan təcrübə bizə göstərdi ki, bu casus təşkilatının yuvası yenə də Dəvəçi məhəlləsindədir. Çox zəhmətdən sonra casus təşkilatının başında duran adamın Səttar xan zamanı əks-inqilab təşkilat olan İslamiyyə təşkilatı üzvlərindən Ağa Mir Sadıq Əbaçı olduğunu öyrəndik. Son günlər biz Mir Sadığı nə cür ələ keçirmək üzərində düşünürdük. Bu çox da asan deyildi. O, Təbrizin məşhur qolçomağı və hər kəsin tanıdığı lotulardan biri idi. Təbrizdə baş verən xəyanətlərin bir çoxu Mir Sadığın dəstəsi tərəfindən icra olunurdu. Gizli sui-qəsdlər, oğurluq, qulaq və burun kəsmək kimi işlərin hamısı Mir Sadığın dəstəsinin əli ilə idarə edilirdi. Lakin bizim xoşbəxtliyimiz burasındaydı ki, Mir Sadıq Təbriz demokrat təşkilatının təzə üzvlərini tanımırdı. Onun özünü ələ keçirməyə çalışırdıq. Onun evindən lazımi şeyləri əldə etmək mümkün idi. Lakin məsələ bununla bitmirdi. Bir çox məsələni onun özündən soruşmaq lazım idi. Mır Sadığı oğurlamaq, aldadıb bir tərəfə çəkmək və edam etdirmək çətin deyildi: axı onu məhv etməklə iş bitmirdi, yerdə qalan üzvlər yene də işləyəcəkdilər. Bizim məqsədimiz isə bütün təşkilatı ifşa etmək idi. O biri tərəfdən də Mir Sadıq dəvəçili idi. O hər halda alman konsulunun mütərcimi şahzadə Əbülfət Mirzəyə və başqalarına bənzəməzdi. Hər nə bəhanə ilə olursa-olsun onun evinə girmək qorxulu idi, çünki onun qüvvətli qolu və vuran əli var idi. O, qorxmaz və güllə qabağından qaçmaz biri idi. Bu məsələ də bizi çox düşündürürdü. Bir çox götür-qoy etdikdən sonra, yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara aldıq. Bu qorxulu vəzifəni ifa etmək üçün yoldaşlardan bir çoxu razılıq verdi. Lakin biz ehtiyatı əldən buraxmayaraq, bu vəzifəni həm qorxmaz, həm də inqilab zamanında imtahandan çıxmış adamlara tapşırmaq istəyirdik. Mir Sadığın evinə Arşak Surenyans, Mirzə Ələkbər Məmmədquluzadə, Tütünçüoğlu Əsəd və Quluzadə getməli idilər, gecədən verdiyimiz göstəriş sabah həyata keçməli idi. hi Axşam saat doqquzda aldığımız xəbərə görə Mir Sadıq evindən çıxıb Əmrəxiz məhəlləsində Sərrac Əliqulunun evinə girmişdi. Bu hadisə bizim üçün böyük bir asanlıq törədirdi, çünki Mir Sadığın özü evdə olduğu zaman qapını açdırmaq çox çətin idi. Ola bilərdi ki, o, qapını açmaz və yaxud açsa da, əlində silah olduğu üçün güllə atıb qonşuların işə müdaxilə etməsinə imkan yaradardı. Bu nöqteyi-nəzərdən də Arşak belə bir tədbir tökdü: nə qədər ki, Mir Sadıq evdə deyil, onun həyətinə bir nəfər girib gizlənməlidir. Mir Sadıq gəlib içəri girəndən sonra həmin adam qapını açıb yoldaşları həyətə buraxmalıdır. Onlar küçədə tək-tək, heç bir kəsin şübhəsini qazanmamaq üçün böyük bir diqqətlə gəzişirdilər. Vaxt ikən həyətə girib gizlənmək Tütünçüoğluna tapşırılmışdı. Gecə saat on ikiyə qədər həyətə girmək mümkün olmadı. Nəhayət, on ikidə Mir Sadığın evindən bir nəfər uşaq əlində fənər çıxdı, iki nəfər qadını qonşuya yola salmaq üçün getdi, uşaq çıxdıqdan sonra qapı bağlanmadı. Bununla da uşağın tez qayıdıb gəlməsi bəlli olurdu. Tütünçüoğlu irəli soxuldu. Lakin onlar bundan çox qorxurdular, çünki Tütünçüoğlu Mir Sadığın həyətini birinci dəfədir ki, görürdü. Onların qorxusu Tütünçüoğlunun gizlənmək üçün yer tapa bilməməsindən idi. Xüsusən Təbriz həyətlərinin hamısında köpək də saxlamaq adət olduğundan, Tütünçüoğlu məqsəd ələ gəlməmişdən qabaq tora düşə bilərdi. Bu qorxu uzun çəkdi, iyirmi dəqiqədən sonra uşaq əlində fənər qayıdıb içəri girdi və qapını daldan bağladı. Küçələrdən gediş-gəliş azaldı. Mir Sadığın qapısı ətrafında dolanmaq şübhə doğura bilərdi. Gecə saat ikiyə işləyəndə Mir Sadıq üç nəfər adamla gəldi. Onlardan ikisi fənər çəkirdi. Qapıya bir az qalmış fənər çəkənlər Mir Sadıq ilə vidalaşıb ayrıldılar. Mir Sadıq isə oxuya-oxuya öz qapısına tərəf irəlilədi. O, səsindən kefliyə bənzəyirdi. Qapını iki dəfə bərkdən vurdu. On dəqiqə yenə də qapıda durub oxudu. Nəhayət, qapının dalından nə səs gəldisə eşidilmədi, ancaq Mir Sadıq: – Mənəm, ana, qapını aç, – dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu. Mir Sadıq içəri girib qapını bağladı. Dışarıdakıların ürəyi çırpınırdı. Ancaq bu vəziyyət çoxda uzun çəkmədi. Bir azdan sonra qapının halqası düşdü və qapı yavaşca açıldı. Qapıdan bir qaraltı çıxdı. Arşak irəli getdi. Qayıtmadı, bununla da qapıdan Tütünçüoğlunun çıxdığı yəqin olduğu üçün yoldaşların hamısı qapıya yetişdi. İçəri keçdilər. Qaranlıq dəhlizdə yığışdılar. Hələ həyətə çıxmadan Mir Sadığın ev qapısı açıldı. O, bir əlində şam, o biri əlində aftafa su anbarına doğru gəlməyə başladı. O, alt paltarında idi. Arşak bu fürsətdən istifadə edərək Tütünçüoğluna müraciətlə yavaşdan: – Gəl, – dedi. Onların hər ikisi Mir Sadığın dalınca su anbarına girdilər. Mir Sadıq gecə saat ikidə su anbarında tanımadığı adamları görüncə özünü qara basdığını düşünərək: – Allahümmə səlli əla Məhəmməd və ali Məhəmməd, - dedi və aftafanı əlindəm yerə qoymaq istədikdə Arşak onaçılanı onun qulağına söykədi: – Səsini çıxaran kimi beynini tökəcəyəm! - dedi. Tütünçüoğlu həmin saatda Mir Sadığın köynəyini çıxarıb yarısı ilə ağzını, qalan yarısı ilə də qollarını bağladı. Mir Sadıq qollarının və ağzının bağlandığı zaman ancaq bu sözləri deyə bildi: – Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın! Arşak isə cavabında: – O alçaqlıq ancaq sizə məxsusduril – dedi. Tütünçüoğlu su anbarında Mir Sadıqla qaldı. Arşak dışarı çıxdı. Mir Sadığın ailəsi yatmışdı. Ancaq qoca anası yatmamışdı. Birinci növbədə ailənin yatdığı otaq gözdən keçirildi. Evin pəncərələri həyətə baxdığı üçün pəncərələrin və qapının dalında gözətçi qoydular. Qoca qadınla nə cür rəftar olunması barəsində düşündülər. O, Mir Sadığın otağında idi, onun həyətdən qayıtmasını gözləyirdi. O, Mir Sadığın yubandığını görüb, «keflidir, yıxılıb su anbarında qalarə - deyə tez həyətə çıxıb anbara yüyürdü. Quluzadə onun dalınca su anbarına girdi, girən kimi də qadın çığırmasın deyə ağzını tutdu və dəsmalı çıxarıb onun ağzını bağladı. Su anbarında qoca qadını gözləmək üçün bir nəfəri qarovul qoyub, Mir Sadığı çıxarıb otağa gətirdilər. Onun ağzını açdılar, bir neçə dəqiqə titrəyə-titrəyə nəfəs aldı, nəhayət, üzünü Arşaka çevirib: – Mənim əhli-əyalım necə oldu? – dedikdə Arşak: – Əhli-əyalından nigaran qalma, məsələdən xəbəri yoxdur, öz otaqlarında yatırlar. Onların toxunulmaz bir halda buraxılması sənin suallarımıza doğru cavab verməyindən asılıdır, – dedikdə Mir Sadıq: – And olsun cəddimə, hər nə soruşsanız doğrusunu deyəcəyəm! Hər nə istəsəniz verəcəyəm, ancaq sizdən xahişim vardır: birisi, əhli-əyalıma toxunmayın, ikincisi də həyatıma qəsd etməyin. – Bunların hər ikisi sənin öz rəftarından asılıdır. İndi de görüm təzə düzələn təşkilata nə vaxt daxil olmuşsan? – Siz bunu haradan bilirsiniz? – O sənin işin deyil, səndən söz soruşuram! Həmin casus təşkilatına nə vaxt daxil olmusan? – May ayının axırında. – Bütün dediklərinə vəsiqə verməlisən. – Vəsiqəm vardır. – Göstər! Arşak bunu dedikdən sonra Mir Sadıq: – Hərgah vəsiqə vermək lazımdırsa, o zaman rica edirəm ki, qollarımı açasınız. Arşak onun qollarını açdı, o, ayağa durub kiçik bir sandığı açdı, içərisindən rusca bir vəsiqə çıxardı. Bu vəsiqədə «Mir Sadıq Mir Ələkbər oğlu 125 nömrəli dəftərdə qeyd olunmuşdur? sözü yazılmışdı. – Sən Yemelyanovla necə tanış olmusan? – Mən birinci dəfəYemelyanovla yox, general Snarski ilə tanış oldum. – General Snarski ilə necə tanış oldun? – Onunla məni bir nəfər rus qadını tanış etdi. – Rus qadını səninlə nə cür tanış oldu? – Qadın 9-cu illərin axırında Rusiyadan gəlib burada mehmanxanada yaşayırdı. O, çox gözəl idi, namuslu idi, general Snariskinin bacısı qızı olduğunu söyləyirdi, mən onu mehmanxanada bir neçə kərə görüb xoşlamışdım. Qadın özü də mənə baxırdı, onun mənimlə tanış olmağa həvəsi var idi. Nəhayət, günün birində mən mehmanxana sahibi Aleksandra mətləbi açdım. O məni öz otağında qızla tanış etdi. Onunla bir ay mehmanxanada yaşadıq, sonra da ona cErmənistanəda ev tapıb ora köçürdüm. – İndi həmin qız haradadır? – Həmin qız yenə də orada yaşayır. – Kimlə yaşayır? – Xərcini mən verirəm. – Onun səndə şəkli vardırmı? – Vardır. – Göstər görüm. Mir Sadıq sandıqdan gənc bir qızın şəklini çıxardı, şəklin dalında rusca: «Qiymətli dostuma, Nataşadanp sözləri yazılmışdı. Qız olduqca gənc, olduqca da gözəl idi. – Qız kimin evində yaşayır? – Xaçatur xanın. – O səni Snarski ilə nə cür tanış etdi? – O məni bir neçə kərə dayısı evinə qonaq apardı. – Snarski səni təşkilata nə cür cəlb etdi? – Bizi cəlb etmək lazım deyildi, bizim özümüz o zaman inqilab əleyhinə mübarizə aparırdıq. – Sən o qızın Snarskinin bacısı qızı olduğuna inanırdınmı? – Bəli əvvəlcə inanırdım, lakin sonralar onun bir casus oldugünü və Snarski tərəfindən bu işə cəlb olunduğunu anladım. – O qız yalqızdırmı? – Xeyr, onunla bərabər bir çoxları var idi. Mən sonra bildim ki, onların hamısı Snarskinin bacısı qızı, dayısı qızı və sair bu kimi yaxın qohumları adı ilə bir çoxlarını aldadıb Snarskinin yanına aparırmışlar. – Snarskinin təşkil etdiyi dəstənin üzvlərinə maaş verilirmi? – Maaş alanlar da vardı, lakin mən almırdım. – Nə üçün? – Ehtiyacım yox idi. – Sənə nə kimi vəzifə tapşırılmışdı? – O zaman, ya indi? – Hələlik o zamandan danışırıq. – Əvvəlcə mən o qədər geniş bir vəzifə sahibi deyildim. İnqilabçıları öyrənmək, gizlənənləri tapıb qoşun dairələrinə xəbər vermək işi ilə məşğul idim. – Siz onları nə cür ifşa etmək istəyirdiniz? – Biz onları tapıb birlikdə işləmək və hamısını öyrəndikdən sonra həbs etdirmək istəyirdik. – Yoldaşların kimlərdir? – Xəbərim yoxdur. Hər kəs tək-tək işləyirdi. – Bu sözün doğrudurmu? – Cəddim haqqı, birisi də o yan-bu yan deyil. – Hərgah sən tək işləyirsənsə, gecələri Əmrəxizdə, Qaraməlik və Quruçay tərəflərində nə işin var idi? İndi mən yəqin edirəm ki, dediyin sözlərin hamısı yalandır. Bunun üçün biz səninlə başqa cür rəftar etməyə məcbur olacağıq və bir daha sənin həyatını təmin edə bilməyəcəyik. Mir Sadıq başını aşağı salıb fikirləşirdi. Lakin səbir və təxir etmək vaxtı deyildi. Saat dördə işləyirdi, hava bir saatdan sonra işıqlanacaq idi. Buna görə də Arşak qalxıb onaçılanı qabından çıxardı və dəmir sandığa doğru irəlilədikdə Mir Sadıq başını qaldırıb: – Cəddim haqqı, hamısını deyəcəm! – deyərək sözə başladı. – Təşkilat 120 nəfərdən ibarətdir. – Adlarını söylə! – Öz əsl adları gizli adları ilə bərabər məndədir, hamısını götürün gedin, məni öldürməyin. Sandığı aşdılar. Casus təşkilatının siyahısı, onun iş planları, vəsiqələr və sair qiymətli kağızların hamısını götürdülər. Bunlardan sonra Arşak soruşdu: – Pullar haradadır? – Paylanmaq üçün verilən pullar paylanıbdır. Qalan yüz min manatı verə bilərəm. Mir Sadıq durub pulları gətirdi, Arşak pulları da vəsiqələr qoyulan kisəyə yığdı. – Öz pulların haradadır? – Öz pullarımı neyləyirsiniz? – Uzun danışma, dur gətir! Mir Sadıq qalxıb xalçanı qaldırdı və yerə basdırılmış kişik bir cəbə çıxardı. Orada çar qızılları, ingilis, amerikan qiymətli kağızları və sairələr var idi. Lakin Arşak bununla razılaşmadı. Mir Sadığın gizlətdiyi paraların hamısını aldı. Qadınlara məxsus qıymətli zinət şeylərini isə tamamilə mizin üstünə qoydu. Daha heç bir şeyə əl vurmadılar. Gecə saat dörddə ulduzların şəfəqi söndüyü zaman Arşak da göz bəbəkləri bozarmaqda olan Mir Sadığa müraciətlə: – Öl, xain! Böyük bir xalqın taleyini çar ğandarmına satanların cəzası budur! – əbanı onun üstünə çəkdi. Bir gün sonra Təbriz küçələrində «Təzə demokrabə təşkilatı, daha doğrusu, casus təşkilatı üzvlərinin siyahıları divarlara yapışdırıldı. * * * Ad günü, xalqın şad günü İranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir. Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi. Məşədi Kazım ağanın təklifinə görə doğulan uşaqlara ad qoyulması bayramını 1917-ci il martın doqquzuna, yəni Novruz bayramına qədər təxirə salmaq lazım idi. Nina buna razı olmadı, o. martın birində uşaqların adını qoymağı məsləhət görürdü, çünki martın birində Məcidin də on yaşı tamam olurdu. Nina deyirdi ki, anadan doğulan beş nəfər uşaq gələcək İranda təzə nəslin başlanğrcidir. Buna görə də bu bayramı Novruz bayramı ilə qarışdırmayib ayrıca keçirək. Məşədi Kazım ağanın gəlinləri Töhfə və Sənubər bir qız, bir oğlan, Mahru xanım bir oğlan, Təhminə xanımın gəlini, Həsənağanın arvadı Nazənin xanım bir oğlan, Nabat xanım da bir oğlan doğmuşdu. Doğrudan da, bu uşaqların hamısı, Ninanın qayğısı sayəsində yaşayan mədəni ailələrdə doğulmuşdu. Buna görə də Nina təbiətin bu böyük hadisəsinə diqqət verir və bu hadisələri təntənəli bir surətdə qeyd etməyə çalışırdı. Nina ziyafət təntənəsini öz evində düzəltmişdi. Bu ziyafətdə gözə çarpacaq yeniliklərdən biri də Ninanın miss Hannanı dəvət etməsi idi. Məşədi Kazım ağa Ninanın bütün göstərişlərini yerinə yetirmişdi. Ziyafətə lazım olan hər şey hazırlanmışdı. Ziyafət gündüz saat üçə təyin edilmişdi. Ziyafət salonunda Şərq və Qərb qadınlarının qədim qiyafəsini göstərən heç bir şey yox idi. Təhminə xanim kimi qoca bir qadın belə tamamilə avropalı kimi geyinmişdi. Onun danışığı da Təbrizin başqa qadınları danışan mövzulardan uzaq idi, çünki Təhminə xanım yeddi-səkkiz ildən bəri Ninanın evində olmuş və indiki söhbətlərin mövzusunu ondan almışdı. İstər Təhminə xanım, istərsə də onun qızları və gəlini xeyli inkişaf etmişdilər. Buna görə də Məşədi Kazım ağa tez-tez: – İnqilabdan nə qədər dövlət qazandımsa öz yerində, lakin iki nəfər mədəni və savadlı gəlinim bütün dövlətimdən qiymətlidir, – sözünü təkrar edirdi. Çağırılan qonaqların hamısı vaxtında gəlmişdi. Başqa adam yox idi. Qadınlar Mahru, Nabat, Sənubər, Töhfə, Nazənin, Təhminə xanım, bir də Məşədi Kazım ağanın arvadından ibarət idi. Ziyafətdə yeddi-səkkiz nəfər qadın və bir bu qədər də kişi olmalı idi. Qonaqlar miss Hannanı gözləyirdilər. Küçədən fayton çarxlarının səsi eşidilən kimi otaqdakıların hamısı pəncərəyə, dəhlizə qaçırdı. Çox intizardan sonra Məşədi Kazım ağanın faytonu miss Hannanı gətirdi. Gəlinlər və Nina onu məhəbbətlə qarşıladı, onun əlini sıxa-sıxa, öpə-öpə salona daxil etdilər. Miss Hanna məniməlimi sıxdı. Onu Məşədi Kazım ilə tanış etdim, o hamı ilə tanış olduqdan sonra Ninanın yanına gəldi. – Çox təəssüf edirəm ki, mən indiyə kimi özümü böyük bir təhlükədən qurtarmış adamla bu qədər gec tanış oldum, - dedikdə Nina: – Özümüz tanış olmasaq da, gördüyümüz iş və daşıdığımız vəzifə bir-biri ilə sıxı əlaqədar idi. Sizinlə bu yaxın zamanda tanış olmağımıza baxmayaraq, mən sizi bacıdan artıq sevirəm, – deyərək onu bir daha öpdü, miss Hama isə Ninanın şübhələrini dağıtmaq üçün: – Mən Əbdülhəsənbəydən gördüyüm insaniyyəti heç bir şərqlidən görməmişəm, – dedi. Nina gülərək: – Bir çox avropalı vardır kı, düşüncə etibarilə şərqlilərdən qat-qat aşağı durur, Əbdülhəsənbəy şərqli olduğuna baxmayaraq, mədəni avropalı qədər mütərəqqi bir düşüncəyə malikdir. – Elədir! – Miss Hanna dedi. – Son zamanlar mənim yeganə arzum, sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir. Mən bunu qəlbən arzu edirəm. Onlar söhbət edə-edə gəlib davanın üstündə oturdular. Nina miss Hannanın əlini əlinə alaraq onunla əylənməyə başladı. Bizim hər birimiz bu iki qızın təzə başlamış dostluğundan şadlanırdıq, xüsusən mən bu iki qızla başladığım romanın nə ilə qurtaracağı haqqında daim rahatsız olurdum. Mənim rahatsızlığım hamıdan artıq Nina tərəfindən idi, çünki onun məndən inciməyə və məni ikiüzlü hesab etməyə haqqı vardı. Lakin nəticə mən düşündüyüm kimi çıxmadı, onlar birinci görüşlərindən bir-birinə rəqib kimi yox, bir dost kimi baxdılar, xüsusən Nina bütü» hərəkətində amerikalı qızı sevdiyini nişan verirdi. Mən bir daha insanları öyrənmək işində savadsız olduğumu hiss etdim. Mən qadın qəlbini kişilərin arşını ilə ölçməkdə səhv etmişdim. Mən ancaq bu gün anladım ki, kişilərin qəlbi ilə qadınların qəlbi eyni xüsusiyyətə malik deyildir və bir qadının qəlbi də başqa qadının qəlbimə bənzəməz. Qızlar söhbəti gətirib məhəbbət fəlsəfəsinə çıxardılar. Özüm hiss etmədən dodaqlarımdan belə bir cümlə çıxdı: – Hərgah sən filosof olmaq istəyirsənsə, şəkilcə, quruluşca bir-birinə oxşayan və eyni zamanda cəhətcə bir-birindən fərqli olan milyonlarla insan qəlbini öyrən, – dedikdə həm Nina, həm də miss Hannanın mənə baxıb güldüklərini gördüm. Daha otura bilmədim. Çünki mən adətim üzrə bir fikirdən silkələnmək üçün ayağa qalxmalı idim. Qalxdım, hamı da qalxdı, bir neçə baş o tərəf-bu tərəfə dolandıqdan sonra Məşədi Kazım ağa əlini döşünə qoydu və yemək otağının qapısını göstərməklə: – Buyura bilərsiniz! – dedi. Yemək süfrəsində güllər və çiçəklərdən, bir də şirnidən başqa heç bir şey yox idi. Təzə doğulan uşaqları gətirdilər, onları cərgə ilə güllərin içərisinə düzdülər. Nə atalar, nə də analar indi nə edəcəyini bilmirdilər. Nina bir kağız çıxarıb göstərdi. – Bu kağızda dörd qız adı vardır. Bunları yazıb örtülü bir qabın içərisinə tökmək lazımdır. Hər qızın anası o yazılardan birini götürməlidir. Adların hansı birisi çıxarsa, qıza həmin adı verməliyik, – dedikdə Məşədi Kazım ağa danışdı: – Əvvələn mən ərz etmək istəyirəm ki, Nina xanım əvvəlcə o adları bizə oxusun. Hamı razı oldu. Nina qız adlarını oxudu: Mehriban Nərgiz Solmaz Həyat Bu adların hamısını Məşədi Kazım ağa bəyəndi. Sonra da Nina oğlan adlarını oxudu. Onlar da: Qəhrəman Səyyad Aslan Səttar 5, Cavad ağa) Əvəz? Heç kəs etiraz etmədi, adlar yazılıb bir qaba töküldü, analar əlini uzadıb kağızları çıxardılar. Birinci növbədə Sənubər əlini uzadıb bir kağız çıxardı, oxuyub bərkdən dedi: – Solmaz! Oğlanların da anaları kağızları çıxardılar. Birinci növbədə Mahru xanımın oğlunun adı Cavad ağa, ikinci Nabat xanımın oğlu Səttar, üçüncü Töhfə xanımın oğlu Əvəz, dördüncü Həsənağanın oğlu Səyyad adını qazandı. Nina uşaqları bir-bir ötürüb öpdü və analarının qucağına verdi, həm də anaların hər birisinə bir qiymətli hədiyyə bağışladı. Nina və mən təzə doğulanların gələcək səadəti barəsində bir qədər danışdıq, nəhayət, amerikalı qız söz alaraq ayağa qalxdı: – Əziz xanımlar və möhtərəm ağalar! Mən Şərqi bir şərqli kimi tanıya bilməsəm də, bir Avropa şərqşünasından daha artıq tanıyıram. Mən Şərqdə illərdən bəri yaşadığıma baxmayaraq, mədəni ailədə olduğum birinci kərədir. Bu ailə yalnız Şərqdə deyil, Avropa ailələri içərisində belə nümunə olacaq bir ailədir. Təzə doğulan balacaların ad bayramında iştirak etdiyim üçün özümü xoşbəxt hesab edirəm, çünki bu bayram ən xoşbəxt bir günə təsadüf edir, mənim balaların ad günü bayramına gətirdiyim hədiyyə balaların özü və anaları üçün böyük bir hədiyyə olmaqla bərabər, bütün İran, bəlkə də, bütün Şərqi və Qərbi Rusiya xalqları üçün də mühüm bir hədiyyə hesab oluna bilər. Bu hədiyyəmlə mən sizi və bütün əsir xalqları təbrik edirəm. Miss Hanna bunu dedikdən sonra əlini atıb redikülündən bir kağız çıxarıb Ninaya verdi. Nina kağızı oxuyub miss Hannanı qucaqlayıb dodağından öpdü və o, məclisə müraciətlə: – Yaşasın xalqların azadlığı, məhv olsun çar mütləqiyyətil Miss Hannanın verdiyi kağızda II Nikolayın taxtdan düşürüldüyü və Rusiyada üsuli-idarənin dəyişildiyi xəbər verildi. Nədənsə konsul bu hadisəni gizlətmişdi. Xəbər Vaşinqton vasitəsilə Tehrana və Tehrandan da Təbrizə – Amerika konsulxanasına verilmişdi. 12 Bunlar Ninanın dərnəyində iştirak edən, vaxtı ilə Maralan səngərlərində öldürülən gənclərdir. RƏDD OLSUN MÜHARİBƏI: Təbriz inqilabçılarının ümumi iclasını çağırıb 11 Nikolayın taxtdan düşürülməsi xəbərini elan etdim. Lakin onlardan bir qismi buna inanmaq istəmədi, hər kəs bir-birinin üzünə təəccüblə baxıb deyirdi: – Ağa buna inanmaq mümkündürmü? Nikolayı hansı bir qüvvətlə yıxmaq olar? Onlar çar Rusiyasının vəziyyətindən xəbərdar deyildilər. Onlar xalqın aclığını, çılpaqlığını bilmir, fabrik-zavodların qapandığını, əhalinin cəbhə həyatından yorulduğunu, o tərəf-bu tərəfdə üsyanlar qalxdığını, Petroqradda və sair böyük şəhərlərdəki işçi çıxışlarını eşitməmişdilər. Mən onlara Rusiyanın vəziyyətini lazımınca təsvir etdim. Soldatların müharibə etmək istəmədiyini xəbər verdim: nəhayət, onlar inanan kimi oldular. Onlar yenə də şəhərə və qoşun arasına intibahnamələr dağıdılmasını məsləhət bilmirdilər, qorxurdular. Mən: – Bütün məsuliyyəti öhdəmə götürürəm, II Nikolay yoxdur, bu xəbəri çar qoşunları arasında yaymaq lazımdır, – dedikdə etiraz etdilər və bir səslə: – Biz hələlik təzə hökumətin siyasətindən xəbərdar deyilik, onların xarici siyasətini bilmirik. Ola bilər ki, buraxdığımız intibahnamələr öz zərərimizə səbəb olsun, – dedikdə yenə də mən: – Hökumət bolşeviklərin əlində deyil. Madam ki, təzə hökumət ingilis və fransız hökumətləri ilə olan ittifaqını və müharibəni davam etdirir, bolşeviklər heç bir zaman belə hökumətə tərəfdar olmazlar. Bolşeviklər müharibənin dayandırılması tərəfdarıdır. Çar konsulu Petroqraddan göstəriş almışdır. O, əvvəldə olduğu kimi öz siyasətini davam etdirməkdədir. Siz mənə icazə verin, bəlkə də. biz intibahnamələri hazırlayana qədər bolşevik qəzetini ələ keçirə bildik, – dedikdə razılaşdılar, intibahnamələrin düzəldilməsini mənə tapşırdılar. Biz hələ intibahnaməni düzəldib bitirmədən və soldatlar arasında dağıdılacaq vərəqləri çap edib qurtarmadan Amerika konsulxanası vasitəsilə Rusiya hadisələrinə dair təzə xəbərlər aldıq. Bu xəbərlərdə «Petroqrad fəhlə nümayəndələri sovetinin əxbarı? adlı qəzetin birinci nömrəsinin çıxdığı və Petroqrad fəhlə nümayəndələri sovetinin martın 1-də soldatlara müraciət etdiyi bildirilirdi. Hazırladığımız intibahnamələr bütün konsulxanaların və əslən iranlı olub pul və sərvət qazanmaq üçün çar təbəəsi olanların qapılarına yapışdırılmışdı. Çarın taxtdan düşürülməsi xəbəri bütün Təbrizi ayağa qaldırmışdı. Çar təbəələrinin və çar himayəsində olanların qapısında vurulan çar bayraqları bir anda yox oldu. Konsulxana bağlanmışdı. Artıq çar konsulxanasının çar kazakları deyil, İran polisləri mühafizə edirdi. Çar təbəələri və çar himayəsində olanlar qorxudan dışarı çıxa bilmirdilər. İnqilab komitəsi hər bir ehtimala qarşı hazırlıq görmüşdü. Rusiya təbəəliyinə keçmiş iranlılardan olmazın işgəncələr və haqsızlıq görənlərin çıxışlarına imkan verməmək üçün inqilab komitəsi öz buraxdığı müraciətnaməsində əhalini sakitliyə dəvət edirdi. Təbrizlilər tərəfindən Rusiya təbəələrinə hücum edildiyi zaman rus soldatlarının məsələyə müdaxilə edəcəyi qorxusu var idi. Bunun üçün də inqilab komitəsi olduqca ehtiyatlı hərəkət edirdi. Çar konsulu ancaq mart ayının 9-da 11 Nikolayın taxtdan düşürüldüyünü, müvəqqəti hökumət təşkil olunduğunu və Rusiyanın İran siyasətinə heç bir dəyişiklik olmayacağını öz müraciətnaməsində xəbər verdi. Bu müraciətnamədən sonra Təbriz xalqında böyük bir ruh düşkünlüyü yarandı. Hər kəs bir-biri ilə görüşdüyü zaman: – Ağa bu olmadı kıl. İndi ki, Nikolayın siyasəti davam edəcəkdi, daha onu taxtından salmaq nəyə lazım idi? – deyə öz narazılığını bildirirdi. Buna görə də Rusiya bolşeviklərinin verdiyi manifesti tərcümə etdirib Təbriz divarlarına yapışdırdıq. Eyni zamanda Rusiya bolşeviklərinin məqsədləri və bu inqilaba nə kimi nəzərlə baxdıqları barədə də ciddi izahat kampaniyasına başladıq. Təbrizdəki soldatların fikrini öyrəndik. Onlar inqilaba hüsn-rəğbət bəsləyir və bolşevik ədəbiyyatı ilə həddindən artıq maraqlanırdılar. Buna görə də əlimizə gələn ədəbiyyatı bir çox nüsxələrlə çap etdirib soldatlar arasında dağıdırdıq. Xoydan, Dilmandan və Makudan Təbrizə gələn soldatlar vasitəsi ilə cəbhələrə də intibahnamələr göndərirdik. Soldatlar arasında Rusiyaya qayıtmaq barəsində çıxışların sayı gündən-günə artırdı. Bizim intibahnamə buraxdığımızdan bir neçə gün sonra rəsmi olaraq cəbhə komandalarına və İran Azərbaycanında yerləşən ayrı-ayrı hissələrə Petroqrad fəhlə nümayəndələri Sovetinin müraciətnaməsi gəlmişdi. Soldatlar arasında «xala xatırın qalmasın?p – deyə sovet düzəlirdi, lakin soldatların həyatı və zabitlərin onlara qarşı zalımcasına münasibəti heç də dəyişməmişdi. Biz bununla da mübarizə aparır və bolşevik ədəbiyyatını əldə edən kimi soldatlar arasına dağıdırdıq. Bu gün Nina birinci kərədir ki, konsulxanaya getmişdi. Axşam onunla görüşdük, o, çox kədərli görünürdü. Bundan şübhələndim, öz-özümə: 4Bəlkə də, konsul bizim bu hərəkatda istirak etdiyimiz barəsində Ninaya bir söz demişdirə, – deyə zənn etdim, çünki Nikolay taxtından yıxıldıqdan sonra Rusiya qoşun dairələrinin yerli xalqa qarşı münasibəti daha da fənalaşmışdı, onlar xırda bir şübhə üzərində onlarca iranlını həbs etdirirdilər. Bu cür fikirlər üzərində çox düşünmədim, əlimi Ninanın saçlarında gəzdirərək: – Əziz dostum, - dedim, - sən heç vaxt özünü əsəbiləşdirəcək məsələlər üzərində düşünmə. Sənə istirahət lazımdır. Xəstəlikdən təzə durmusan, bu gün yenə də səni kədərli görürəm. Yaxşı olardı ki, sən konsulxanadakı işini buraxaydın, indi artıq o vəzifənin əhəmiyyəti qalmayıb. Daha çar hökuməti yoxdur. Kiçik xəbərləri başqaları vasitəsilə də ala bilərik. Nina başını qaldırıb üzümə baxdı və: – Doğrudur, Nikolay yoxdur, – dedi, – lakin onun müstəmləkə siyasəti davam edir. Konsulxanada heç bir dəyişiklik yoxdur. Bu gün Rusiyanın öz müvəffəqiyyətinə sadiq qaldığı və müharibəni davam etdirəcəyi haqqında Petroqraddan rəsmi məlumat gəlmişdir. Dövlət duması üzvlərindən düzələn «Müvəqqəti hökumətəin başında oturan radzionkolar Rusiya proletariatına nə kimi bir səadət verə bilər? Onlar inqilabın işçi-kəndli və soldatlar tərəfindən yaradıldığını nəzərə almır, soldatların inqilaba nə üçün qoşulduqlarını fikirlərinə gətirməyərək, yenə də müharibəni davam etdirmək istəyirlər. Ninanın nədən ötrü kədərləndiyi məlum oldu. O, yenə də bolşevikləri tanımamışdı, bolşeviklərin bu inqilabdan qənaətlənməyərək proletar inqilabına hazırlandığını bilmirdi, buna görə də ona bir neçə məsələ barəsində izahat vermək lazım gəlirdi. – Konsulxanada olan xəbərlər köhnəlmişdir, – dedim. - Müvəqqəti hökumət düzəlmişdir. Hökumət başında Milyukov və Kuçkov kimilər durmaqdadır. Onlar Müvəqqəti hökuməti cBuryuaziyanın vahid hökmranlığı? şüarı altında düzəltmişdir. Milyukov müvəqqəti hökumətin tərkibini Tavric sarayının salonunda elan etdiyi zaman, knyaz Lvovun da adını çəkmiş və bununla da Müvəqqəti hökumətin simasını bildirmişdir. Milyukov hələ Nikolay öz istefasını vermədən Tavric sarayında böyük knyaz Mixail Aleksandroviçin naib təyin edilməsi, II Nikolayın oğlu Alekseyin vəliəhd olacağını elan etmişdir. Milyukov hökumət tərkibini elan etdiyi zaman: Biz hazırda hökuməti parlamentli, konstitusiyalı, bir monarxiya hökuməti təsəvvür edirdik, – demişdir, – bəlkə də, başqaları başqa cür təsəvvür edir. Hərgah biz indi bu məsələnin üzərində çəkişməyə imkan vermiş olsaq, Rusiyada vətəndaş müharibəsi də baş verə bilər. Hərgah işlər düzəlsə və məmləkətdə qayda-qanun bərpa olsa, o zaman məclisi-müəssisan çağırılması məsələsini qoyarıq). Lakin buryuaziyanın bu fırıldağı baş tutmamışdır. Zavodlardan, alaylardan gələn nümayəndələr Milyukovu öz sözünü geri götürməyə məcbur etmişdir. Rusiyada düzəldiləcək hökumətin layihəsini ancaq Rusiya bolşevikləri düzəldəcəkdir. Onu Lenin düzəltmişdir. Müvəqqəti hökumət isə doğrudan da, müvəqqətidir. Nina sakit olmayaraq: – Lenin Rusiyaya gələ bilməyəcəkdir. Müvəqqəti hökumətin xariciyyə naziri əcnəbi ölkələrdə olan bütün konsulxanalara bu barədə xəbər vermişdir, – dedikdə mən: – Milyukov əmr verə bilər, – dedim, – lakin Lenin də Rusiyaya gəlməyi bacarar! * * * Miss Hanna gedir Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi: – Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi. Mən tez miss Hannanın evinə yola düşdüm. Uzun yolu gedərkən bu qızın haqqında düşünürdüm. O, Təbrizdə qala bilməyəcəkdi. Amerikaya da dönmək istəmirdi, atasının yazdığı məktublara mənfi cavablar göndərmişdi. Faytondan düşüb qızın həyətinə girdim. O, balkonda bir nəfər ortayaşlı kişi ilə gəzirdi. Qız mənim pilləkənlərdən qalxdısimi görən kimi yanındakı kişiyə dönərək: – Odur, özüdür, gəlir, —dedi və balkonun qapısını açıb məni qarşıladı. Balkonun qapısından içəri girən kimi miss Hanna yanındakı kişini mənə təqdim edərək: – Tanış olun, atamdır! – dedi. Mən onun əlini sıxdım və birlikdə otağa girdik. Miss Hanna mənim barəmdə o ki lazımdır öz atasına danışmışdı, çünki atasının mənə etdiyi təşəkkürlər bunu sübut edirdi. O, qızını Amerikaya aparmaq üçün gəlmişdi. Tehrandan ingilis səfarətinin maşınında gəldiyi üçün gecə saat dörddə yola düşməli idi. Miss Hanna özü məni vidalaşmaq üçün çağırdığını söylədi. Lakin qız Təbrizdən getmək istəmirdi, buna görə də qızın atası mənə müraciətlə: – Siz də buna nəsihət edin, vəziyyət qızımın burda qalmasına icazə vermir, – dedikdə mən də vəziyyətin qorxulu olduğunu qıza anlatdım. Nəhayət, miss Hanna mənə müraciətlə: – Elə isə Nina Nikitina ilə də vidalaşmaq üçün məni onun yanına aparın, - dedi. Qızın atası ilə vidalaşıb Ninanın evinə yola düşdük. Fayton qapıdan təzəcə uzaqlaşmışdı ki, miss Hanna əlini əlimin üstünə qoydu. – Bu əlin namusuna and içirəm, sənə olan səmimi sevgim ömrüm olduqca davam edəcəkdir, – dedikdə mən cavab verdim: – Uzun illərdir ki, biz sevgi fəlsəfəsinin hamısını danışmışıq, bizim tanışlığımız da fəlsəfələrlə başlamışdı, ona görə də bu dostluğun son səhifəsini də fəlsəfə ilə bitirmək lazımdır. Gözəl və səmimi dostum, mən sənə inanıram, lakin insan həmişə öz sevgisinə nail ola bilmir. Sevgidən çox vaxt ancaq xoş bir xatirə qalır. Səndə bu xatirənin möhkəm yaşayacağına əminəm. O xatirələr heç bir zaman məni sənə unutdurmayacaqdır. Kim bilir, bəlkə də, bulanıq dünya bir zaman durulacaq, biz səninlə yenə də görüşəcəyik. Mənim bu sözlərimdən miss Hanna ağladı və dodaqlarını mənə uzatmaq istədikdə mən: – Bu sənin həyəcanını daha da artırar, – dedim. O isə: – Sevgi xatıratının böyük dəftərini bu öpüşlə möhürlədim, – dedi. kohok Demokrat firqəsinin təşəbbüsü nəticəsində İranın başqa şəhərlərində olduğu kimi Təbrizdə də rus hissələri ilə yerli xalq arasında qardaşlıq münasibətləri başlanırdı. Soldat komitələri demokrat firqəsinə müraciət edərək əlbir işləməyə və azadlığa çağırırdı. Şəhərin meydanlarında və cəmiyyət çox olan yerlərdə mitinqlər düzəlirdi. Soldat nümayəndələri öz nitqlərində menşeviklərin siyasətini bərk tənqid edir və müharibənin dayandırılmasını tələb edirdilər. Bu gün azadlıq sevən rus soldatları qəbiristana getməyə və İran inqilabı zamanı həlak olan qəhrəmanların qəbirlərinə gül qoymağa hazırlaşırdılar. Mən evə gəldikdə evdə tamamilə başqa bir vəziyyət gördüm. Nina, Təhminə xanım, Məşədi Kazım ağanın gəlinləri, Mahru və Nabat xanım hara isə getmək üçün hazırlaşırdılar. Mən Ninaya sual verdim: – Hara getmək istəyirsiniz? Nina qəhərlənərək dedi: – Məlun irticanın və ingilis-çar casuslarının qorxusundan inqila» yolunda məhv olanların qəbirlərini ziyarətə getmək mumkün olmamışdı. Xüsusən Zeynəbin və Cavad ağanın qəbirlərinin ziyarətinə gedirdik. Ninanın cErmənistanşa sifariş verdiyi gül dəstələrini gətirdilər. Nina Məcidi də götürüb qəbiristana yola düşdü. Biz də bir neçə nəfər izdihama qoşulub qəbiristana getdik. Hələ mitinq başlamamışdı, inqilabçı rus soldatları əllərində gül dəstə-dəstə gəlirdilər. Mitinq açıldı, yerli inqilabçı kargər nümayəndələri ilə bərabər soldat nümayəndələri danışdılar. Bu nümayiş Təbriz xalqı arasında geniş bir təsir bağışladı. Qəbiristanda çiçəklərlə bəzənmiş qəbirlərin ətrafında qırmızı bayraqlar əsdikcə inqilabçı soldatların «ura-uraə səsləri Təbriz üfüqlərində əks edirdi. Demokrat firqəsi üzvləri ilə bolşevikləşmiş soldatların görüşüb öpüşməsini görən əhali sevindiyindən ağlayırdı. Elə bil illərlə həsrət qalan iki qardaş bir-birinə qovuşmuşdu. Təbrizlilər və soldatlar müstəmləkəçilik siyasəti yeridən, hər iki xalq arasında düşmənçilik salan çar hökumətinin aradan qaldırılmasına sevinirdi. Çar siyasəti nəticəsində xalqa çox qorxulu görünən soldatlara əhali indi öz yaxın dostları kimi baxır və azadlıq işindəki mübarizələrində onlardan kömək alacaqlarına inanırdı. Qayıdarkən mən Ninanı və onunla bərabər ziyarətə gələnləri Cavad ağanın və Zeynəbin qəbirləri üstündə gördüm. Zeynəbin qəbirinin yanında bir tüfəng də qoyulmuşdu. Nina ağlayaraq qəbrə xitab edirdi: – Zeynəb, azadlıq günləri yaxınlaşdı, dur silahını götür!.. Soldat nümayəndələrindən bir çoxu tüfəngi qəbrin üstündə görüb təəccüb etdilər və məndən bunun səbəbini soruşdular. Mən də cavabında: – Bu qəbir inqilabçı bir qadının qəbridir. O, şah hökuməti ilə aparılan mübarizədə tələf olmuşdu. Bu onun silahıdır, – dedikdə Zeynəbin qəbrinin üstündə ikinci bir mitinq açıldı. Bolşevik soldatlar Zeynəbin ruhu xatirəsinə iki yaylım atəşi açdılar. Qayıdan zaman qəbiristana baxarkən oranı çiçəklər içərisində gördüm. Axşam saat səkkizdə evə qayıtdıq. Evdə böyük bir şadlıq ziyafəti düzəltdik. Ziyafət əsnasında Təsvicdən gələn qasid İraidanın məktubunu gətirdi. Məktub bu sözlərlə başlanmışdı: «Əziz bacım Nina! Olduğum ailə öz doğma ailəmiz qədər mədəni və sevimlidir. Zənn edirəm ki, siyasi vəziyyət dəyişdiyi üçün Əbülhəsənbəy mənim Təbrizə qayıtmağıma icazə verər. İraidaə Biz məktubu alan kimi Məşədi Kazım ağa və Tütünçüoğlunun İraidanı gətirmək üçün sabah tezdən yola düşmələrini qərara aldıq. * * * Oktyabr inqilabı Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım: – Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır. Mən sözümü bitirəndən sonra yenə də müzakirə başlandı, gələcək xətt-hərəkat barəsində danışdılar. Sonra da firqənin sərəncamında olan pullar haqqında danışıldı. Bu pulların bir qısmini firqənin təşkilat işlərinin güclənməsinə xərcləmək, bir qısmini də ölmüş və yoxsul düşmüş inqilabçıların ailələrinə paylamaq, aclıq çəkən kəndlilərə vermək, xəstəliklərlə mübarizə aparılması işlərinə sərf etmək qərarı çıxarıldı. kok Mən çox qiymətli və zəngin olan bu xatirat dəftərini oxuyub müəllim Məcid Cavadoğluna qartardığım zaman ona sual verdim: – Bu qəhrəman sənin atan idimi? – Xeyr, o mənim atam deyil idi. Mən həmin xatirat dəftərində göstərilən Məcid Cavadoğluyam. – Bəs bu xatiratı yazan Əbülhəsənbəy kimdir? – O, əslində təbrizli olub, vaxtilə Bakıda Ramana mədənlərində işləmiş mexanik Nüsrət Hüseynovdur. – Nüsrət Hüseynov? – deyə heyrətlə soruşdum. – Mən onunla harada görüşə bilərəm? Onun özü, yəqin ki, zəngin həyatından bu dəftərdə yazılanlardan on qat artıq nağıl edə bilər. Müəllim bir ah çəkərək: – Təəssüf ki, o sağ deyil, – dedi. – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycanda qalxan inqilabi hərəkatda yaxından iştirak etdiyi üçün onu 1921-ci ildə şahənşah hökuməti Təbrizdə edam etdirdi. – Bəs onun sevgili arvadı Nina xanım haradadır? – O mənim anamdır. Hazırda Arşak Surenyansın saxladığı yetimlər evində mürəbbiyəlik edir. Müəllim bu sözləri dedikdən sonra xatirat dəftərini portfelinə qoyub uzaqlaşdı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-dumanli-tebriz İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.