Felyetonlar Məmməd Səid Ordubadi (1872–1950) Söhbət «Lağlağı» ilə «Hərdəmxəyalın» mabeynində. Lağlağı: — Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam. Bir parça adamlar var hər nə söz söyləyirlər, yalan, yainki doğru, camaat o saatda «Bəli ağa, bəli ağa» — deyib sözünü təsdiq edir. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə açığlanıb dedi: bəs sən nə vaxt ağıla gələcəksən, neçün bir elə söz danışırsan ki, ağanın qəlbi bulansın? Ay Hərdəmxəyal, lap qupquru qurumuşam. Keçən gün bir məclisdə idim. Ağalardan bir nəfəri içəri girdikdə xalayiq sərasimə «ağa yuxarı, ağa yuxarı» çığırışmağa başladılar. Biçarə mən, bunu görüb xəyal eylədim ki, elə cümlə üçün belə ehtiram qoyulur. Belə ki, bu gün bir evə qonaq çağrılmışdım. İçəri girdim. Hər yerdə ki, boş yer gördüm, istədim oturam, dedilər: «bala bu yerin adamı vardır, gələcəkdir». Müxtəsər, iki saat ağaların qabağında qəlyan kimi gərdiş etdim isə də, bir yer göstərən olmadı. Axırda ev sahibi qolumdan yapışıb, çıxarıb mətbəxxanada oturtdu. Qərəz, bu işə lap mətəl qalmışam. Hərdəmxəyal: — ha ha ha..... – Ey biçarə Lağlağı yoldaş, mən başıma nə gül töküm, işin birini bilirsən, birini bilmirsən, hər sözü də açıb sənə deməyə cür’ət eləmirəm. Hərgah sözü gizləsəm, deyəcəksən bu Hərdəmxəyal heç zad bilmir. Amma desəm də aşkar deyə bilmərəm. Qulağına deyəcəyəm, bax... istəyirsən ki, işin yaxşı olsun............. İndi başa düşdün, ya yox?! Bir də deyirsən ki, camaatın yalan sözünü doğru, mənim doğru sözümü yalan hesab edirlər. Əzizim, hərçənd sən az danışan adamsan, lakin təqsir özündədir. Gözüm nuri, heç darıxma, gəl mənim yanıma. Əvvəl məni də sənin kimi qovalayırdılar. İndi görürsən, sözüm nə dərəcədə kəskindir?! Lağlağı qardaş, bu libasi ki, sən geyibsən, sözün keçməz. Hələ belə qalıbsan, şükür elə. Belə ki, mən başa düşüb libasıma təğyir verdim, allaha şükür, özün şairsən, şe’r-mə’r də deyirsən, niyə sən bilmirsən, Sə’di deyib: «Hər kera camə parisa bini, parisadanu nik mərdan kar». Sən istəyirsən həm canın rahat olsun, həm də sözün kəskin. Başına qoymusan bir verşoq boyda börk, özün də şikayət edirsən ki, ayağıma durmurlar, sözüm keçmir. Bu aşkarlıqda sözü başa düşməsən dəxi mən sənə nə deyim. * * * Məktub («Molla Nəsrəddin»in möhtərəm yazıçısı Qızdırmalıya) Əfəndim! Sözlərinizdən hərarət yağır, oxuyanda insanın dil-damağı quruyur. Məqalələrinizin hədərən-pədərən olmasından belə mə’lum olur ki, bir az da titrətməniz vardır. Onun da cəhəti bulvarda gəzəndə starşi qaradovoy, börk götürmüsən, sənə soyuq dəyibdir. Əlbəttə mənim ərzimi qəbul edib gərək bir qrantsız hamam tapasan, bir qədər tərləyib, sonra suya girib fitəni başuva salıb altmış qab isti su fitənin üstündən başuva tökəsən. Ondan sonra əhvalını mənə yazgilən. Hərgah yaxşı olmasan, eybi yoxdur, qızdırmanı bağlaram. Eşidirəm başında bir az da ağrı vardır. Haman azara hükəma istilahında nəzlə deyirlər. Qara toyuq yumurtasına bir neçə söz yazıb, kisəyə tikib, məsciddə tirdən asarlar. Qorxma, mən onu da çabaça edərəm. İşdir, əgər bu da mənfəət etməsə, onda yəqin elə ki, sənə göz vurublar. Bu aşağıda yazdığım duanı bir ovuc üzərlikə oxuyub, od içində yandırıb üstündən oyan-buyana atılarsan. Duanın surəti: Üzərlik sən havasan, Həzar dərdə davasan, Hər yerdə sən olasan, Qada, bala sovasan. Üzərlik danə-danə Tökülsün hərzə canə, Qohum ola, yad ola, Gözü bu odda yana. Atın daydı üzərlik, Donun ağdı üzərlik, Müşkül işim düşübdür, Hovdi-hovdi üzərlik. * * * Ana dilində məktub Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz. * * * Elmi-nücum İcmali-kar, şəhri-cəmadi-əvvəl Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması. * * * Balaca felyeton Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət. Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla. Nuri-çeşmim! Yaxın fikirli olub, bu gündən oturub sabah işini fikr eləmə. Bir işi görməkdə tə’cil etməyib, hər işdə yavaş olgilən. Cibində heç vaxt köhnə para saxlama. Para insan üçün hər halda bir mayeyi təhlükədir. Ədəbli fərzəndim! Hər halda insanlar içində ədəbli olub birisi bir sözü iki min kərə sual etdikdə bir dəfə cavab verməyib ədəbini göstər. Aman əzizim, mabada məndən sonra düşmənlərimiz səni yaman dil ilə aldadıb sənə qoyub getdiyim bekarçılıq kimi ne’məti əlindən çıxaralar. Məndən sonra düşmənlərimiz səni elmə tərğib edəcəklər. Maarifli çocuğum! Olmaya qəbul edəsən? Vəsiyyətimin içində zikr edirəm: insan bir mülkdir, ya bir qit’ədir, padşahı iki gözdür. Göz isə bir ləm’ə nurdur. Bunların cümləsinin düşməni haman üstə dediyim elmdir. Gözəl bala! Bir para adamlar deyəcəklər: sənət əxz elə! Mabada qulaq verəsən! Ömrün qayçısı bir də sənətdir. Dünyada hər nə etsən insafı buraxma. Birisinə qərz pul versən yüzə üçdən artıq faiz alma. Rəhmdil ol. Bir kəndlini vurandan sonra paltarlarının tozunu təmizlə. Hafizə insanda ümdə şərtdir. Bir adamı yüz kərə görən kimi tanı, birisindən qərz pul almış olsan vaxtında aparıb vermə, çünki qəzadır, salar itirər. Oğlum, sənə ümdə vəsiyyətim, bir də dövlətli kimsələrin şan və hörmətinin rəayətidir. Mabada dünya cifəsindən ötrü onları özündən rəncidə edəsən. Sənə yüz manat verib ildə 24 rublə alıb, sonra yenə iki yüz manat istəsələr, sual-cavabsız verkilən. Mabada onların sözünün əksincə rəftar edəsən. Hərkah bir işləri olarsa cümlədən əvvəl sən canfəşanlıq elə, sənə nə qədər yaman desələr, şükr elə, onlar sizə vəkildir. Bir məclisə dövlətli girəndə ayağa durmaqda heç kəsə macal vermə. Belə ki, Sə’di buyurub: «Bəni adəm ə’zayi-yekdigərənd». Yə’ni min fəqir yığılıb bir dövlətlinin sandığın doldursun. Millətin fəxri bunlar ilədir. Gözümün işığı! Dünyanın dolanışığı bunlar ilədir. Dünya bunlardan ötri xəlq edilmişdir. Hər vaxt əlinizə pul düşəndə verin bir quzuya, ya bir ata, aparın dövlətli uşaqlarına bağışlayın ta inki ataları sizə çox sağ ol desinlər. Gecələr dövlətli evlərinə qaravul çək. Gündüz işinə getməkdə müzayiqə etmə. Bir məclisdə nə qədər yalan söyləsələr bəli-bəli degilən. Dövlətliyə fəhləlik etməyə gedəndə çox göftiku etmə, bir manat səni öldürməz, amma yüz fəqirin bir manatı dövlətlinin oğluna qumar pulu olar. Dövlətli hər nə söyləsə bil ki, onda bir məsləhət vardır. Onlar sizə vəkildir. Məvacibinizi iki aylar ilə saxlasalar, dinib danışmayın, vəkildirlər, əziz oğlum. Xudavəndi-aləm hər bəndəsini bir qüvvədə xəlq etməyib, insan olan lazımdır isti günlər qabağında axşama kimi ac işləyib heyvanat kimi qabıq qoysun. Nəinki döşündən bir qraxmal asıb çətirin altında zənanlar kimi dolansın, onlar sizə vəkildirlər, qoyun necə kefləridir, elə etsinlər. Mabada qoyasız onlar qüssə çəksin. Oğlum, sən on gün ac qalsan, eyb etməz, amma onlar bir gün sazəndəsiz, tarsız, kefsiz qala bilməzlər. Bala, lazımdır hər gecə onlar yüz fəqirin illik ruzisini tarçıya, oxuyana versinlər. Siz fəxr edin. Mabada dövlətli balalarını adları ilə çağırasınız, eyib işdir, həmişə ağa-ağa çağırın. Hərkah peysərinizə şitil vursalar, şükür eləyib deyin: bəkzadə məni bağışla, sənə kiçiyəm. Hər yerdə dövlətli görəndə sərasimə ayağa durun. Bir yarım saat qıçlarınızın ağrısı çıxsın. Mabada bir dərdinizi deyəndə sizə xişm etsələr, açıq edəsiniz, onların yamanları mərhəmətdir. Hərkah dövlətlinin divanxanada şəhadət verməli bir işi olursa, yalandan qəsəm edib şəhadət ver. Dövlətli həmişə elə düşməz. Əziz oğlum, məndən sonra bir zaman gələcək sizə bir düşmən hücum edəndə bunlar sizin dərdinizə qalacaqlar. Bir zaman olacaq qışın günündə başınıza qəmli qarlar yağanda aparıb sizləri özlərilə isti otaqlarda saxlayacaqlar. Qəm yağışlarına islanan vaxtda sizin üstünüzə qanad açıb hifz edəcəklər. Aylar ilə siz ac qalanda elə bilirsiniz onların plov və yağlı xörək canlarına sinacaq?.. Elə bilməyin ki, siz quru xarabələrdə can verəndən sonra onlar bir də ağız ləzzətilə istəkliləri yanında krovat üstə yatacaqlar. Sizin balalarınız ayaq yalın gəzməkdən ayaqları bal şanı kimi deşik-deşik olanda onların da nazpərvər ağazadələri ayaqlarından qaloşları çıxarıb atacaqlar. Sizin dul övrətlərinizin irz-namusu düşmənlərin ayağı altında paymal olanda, əlbəttə, onların da qanları cuşə gələcəkdir. Oğlum, dövlətlilərin hörmətini sənə vacib edib xətmi-kəlam edirəm. Mütərcim: Hərdəmxəyal. * * * Qəlbim tutulmuşdu Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum: Asudə bizik, bizləri görcək sitəm ağlar, Qəmdidəlikim görsə yəqin et ki, qəm ağlar. Bir dəm görən əhvalımızı dəmbədəm ağlar, İslam adı yazdıqca əlimdə qələm ağlar. Yoldaş, qapını çalma, anaxtarsız açılmaz, Çox sə’y-təlaş etmə ki, qəlbirdə su durmaz, Yüz top vurasan başına bu yatmış ayılmaz, Daşlara da mən dərdimi hər söyləsəm ağlar. Hər töhməti bas bağrına, çox söyləmə, lal ol, Saldat nə soruşsa dilini anlama, mal ol, Qafqazda qoyunlar kimi hər cinsə halal ol, Hər tayifə şad olsa da axır əcəm ağlar. Qoyma yerə boş gülməyi aləm sənə gülsə, Get işrətə gər başına min qüssə tökülsə, Fikr eyləmə bir zərrəcə qəddin də bükülsə, Kafir də səni görsə, xudayə qəsəm ağlar. Üstün ana əl vurmayıb et bircə təvəkkül, Sel gəlsə durub qaçma, əgər olsa da müşkül, Hər nə desələr bax, özünü eləmə yünkül, İslam adı yazdıqca əlimdə qələm ağlar. * * * Məktub Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm: Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik. Gündən-günə ticarət mətə’larımız Avropa, Amerika, Avstraliya bazarlarında satılmaqdadır. Şükürlər olsun hər həftədə hökumət paytaxtında müşavirə edib tüccari və siyasi əhdnamələr bağlayırıq. Hər saatda dahili-məmləkətimizdə millət və hökumətin pişrəfti üçün vüzəra tərəfindən müxtəlif qanunnamələr ortaya qoyulur. Hər saatda imperiyamızın ətraf şəhərlərindən sənaye vəzirinə qism-qism ixtiraati-cədidə təqdim edilir... və zavodlarımıza küreyi-ərzin hər tərəfindən vaqonlar, hərbi paraxodlar, balonlar, telefonlar, teleskoplar, ənva-ənva quvveyinariyələr sifariş edilir. Hər ayda dörd hərbi paraxodumuz müntəzəm surətdə qayrılıb dənizlərə tullanır. Hər gündə doxsan verst dəmir yolumuz qayrılıb icra edilir. Neçə fəxr etməyək, hər ildə üç-dörd xırda hökumətlər nüfuzumuz sayəsinə keçib imperiyamıza qoşulur. O cümlədən «Bəlucistan», «Hindistan» qeyri-qeyri... Gündən-günə ziyadətə başlamış olan akademiyalarımız, darülfünunlarımız, teatrlarımız, parklarımız, akvariumlarımız ümumin nəzəri-diqqətini cəlb edir desəm yenə azdır... Cahan mədəniyyətinin hər bir guşəsindən tələbələr darülfünunlarımıza yağış kimi yağmağa başlamışlar. Müxtəlif kompaniyalarımız Avropa dağlarını söküb mə’dən soraqı alırlar. Uzun, uzaq səhraları teyyülərz kibi bir-birinə qovuşduran, ucu-bucağı olmayan nəhrləri, irmaqları kanallar vasitəsilə çəkib aparıb qanlı dəryalara çağıldadan mühəndislərimiz bir dəqiqə belə aram tutmurlar. Yenə yüz təşəkkür biz iranlılar gecə yuxu içində belə sənət görüb sübh bidar olcaq, haman sənətin icrasına çalışırıq. Hər gündə məğrib hökumətlərindən yüz tövr imtiyazat alarıq, biz iranlılar iki gözümüzü açıb cəmiyyən beş qit’ədə olan daş diblərini də görə bilirik. Bəxtiyar iran təbəələri beş qit’ənin içində indi də barmaq ilə göstərilir. Fövqəl’adə olan tərəqqiyatımıza baxmış bir adam indi də heyrət gözünü açıb təəccüb barmağını ağzına basmaqdadır. Şücaətli əskərlərimizin rəşadəti — cahankiranəsini bir görən bir də görüm deyəcək olur. İmperiyamızın əmin və aman olduğundan bir qarı övrət bir tabaq qızıl başına qoyub Tehrandan İsfahana qədər getsə, bir kimsə o nədir söyləməz. İran dağlarının hər bir qayasına baxılarsa, başsız meşələrin hər tərəfinə nəzəri-diqqət edilərsə, insan əli dəyməmiş bir ağac, sənətdə işlədilməmiş bir qaya əbədən görməz olursan. Çiçəkli qəzalarımızda, uzun-uzaq çöllərimizdə dəmir yol xəttindən özgə ayaq qoymağa boş yer tapa bilməzsən. * * * Bəyani-həqiqət Get, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən! Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən. Mən də o saatda qələmi alıb yazdım: Bəh-bəh sizə əhsən, necə pürzövqi-səfasız, Fəxr eyləyin İrana ki, fəxrululəmasız. Ənküştnümasız, hamı əmraza şəfasız, Ərbabi-əxa, sərvəri-zülədl-vəfasız. Minlərcə xuda ümmü fəsada edə lə’nət, Minlərcə o şeytanə ziyadə edə lə’nət. Təhtül-hənəkin rişteyi-ümmid ziyandır, Çibkirü xətakara qapın darülamandır. Fəxrululəma sən kimi şeytani-zamandır, Ləbbadənin altında çox əsrar nihandır. Hər kəs gərək ismin düşə yada edə nifrət, Minlərcə xuda ümmüfəsadə edə lə’nət. Şeytan dediyim səhvdi, şeytan belə olmaz, Bişək siz olan məclisə şeytan da dolanmaz, Hökmüz yetə iblisə bu Təbrizdə durmaz, Siz çaldığınız avazəni dəccal da çalmaz. Hər kəs ki, edibdir belə avazəni adət, Qoy tanrı o murdara ziyadə edə lə’nət! Keçmişdə sənin çox yudular vizrü-vəbalın, Guya dedilər vardı sənin ayrı xəyalın, Çox eyb deyil, olsa da keçmişdəki halın, Örtər hamı bu işləri övzai cəlalın. Mə’lum ki, bu işlər olubdur sənə sənət, Minlərcə xuda ümmifəsadə edə lə’nət... Dünya nə qədər var isə baqi qalar adın, Heç molla sizintək o zadın bilmədi dadın, Fəxrululəmanın da xuda verdi muradın, Bilsinlər gərək qədrini ol ümmifəsadın. Minlərcə xuda ümmifəsada edə lə’nət, Minlərcə o məl’unə ziyadə edə lə’nət. * * * Bilməli xəbərlər Məsələ Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər? Naxçıvan və İrəvandan aldığımız xəbərlərə görə məzkur şəhərlərdə gündən-günə müsəlman qəzeti oxuyan artmaqdadır. Qəzet oxuyan belə sür’ətlə artır ki, bir nömrə «İrşad»ın başına iki yüz adam yığılır. Biçarə, yazıq, mədəni Naxçıvan əhli qəzetdən gör neçə korluq çəkirlər ki, qiraətxanadan qəzetləri gizlicə aparıb padşahlıq bağında ağac diblərində oxuyurlar. Axırda yazıqlar məəttəl qalıb başlayıblar təzə qəzet açmağa. Yazıb bəndədən qəzetəyə ad qoymaq istəyirlər. Mən də çox fikirləşəndən sonra götürüb bu adları yazdım: birisinə «Məzəmmət», birisinə «Qəflət» adı qoydum. Hələ bu iki şəhər deyil, Bakı, Batum, Teymurxanşura, Valdiqafqaz, Buxara, Təbrizdən də belə xoş xəbərlər yazırlar. Eşitdiyim budur ki, Tiflis camaatı da Şeyxül-islama yalvarırlar ki, bir qəzetə açsın və adını da qoysun «Pərişan». * * * Millətpərvər intelligent Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir. Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona? Mən bir qədər fikir elədim, sonra əyildim cavana tərəf və qulağına dedim: — Mən ölüm lotuyana de görüm niyə müsəlman qəzeti oxumursan? Cavan mənə tərəf çönüb qulağıma yavaşca pıçıldadı: — Sən öləsən müsəlmanca savadım yoxdur. * * * Müsəlman yığıncaqları Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar. Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar. Aşkardır ki, bir əldən səs çıxmaz. İndiyə kimi heç olmuyubdur bir məclisə də’vət olunan müsəlmanlar öz vaxtında cəm’ən orada hazır olsunlar. Məsələn, otuz adam çağırılıb, on beşi gəlir, gəlməyənləri gözləyir-gözləyir və bir qədər yavan papiros çəkib dağılır. O biri dəfə qabaqca gəlməyən on beş nəfər gəlib bu biri on beş adamı gözləyir, gözləyir və bir qədər yavan papiros çəkib dağılır. Nədir bunun səbəbi? Yə’ni niyə müsəlmanlar bir yerə təklif olunanda hamısı birdən yığışmırlar? Bunun səbəbini hərə bir cür başa düşür. Biri deyir ki, müsəlmanlar biri-birinin fikrinə qalmağı xoşlamırlar; biri deyir ki, müsəlman milləti ələl-ümum ağır və tənbəldirlər. Biri deyir ki, müsəlmanların bir yerə həvəs ilə və bir vaxtda cəm olmamağına çox vaxt tək səbir bais olur. Amma mən də özgə cürə başa düşürəm: mən deyirəm bu işlərin tək bircə səbəbi var: bunların səbəbi budur ki, adamın öz evində bişmiş olsa da, özgə yerdə bişmiş plov kimi ləzzətli olmur. Bunu hər insaf əhli gərək təsdiq eləsin. Məsələn, götürək ehsan məclislərində yuxarı başda əyləşən cənabları: bunlar hamısı dövlətmənd ağa, xan, molla və hacıdırlar. Gün olmaz ki, bunların evində xalis inək yağı ilə zirişk və zə’fəranlı cücə ya qavurma plov bişməsin. Bununla belə dünya xəlq olunandan indiyə kimi bir dəfə də ittifaq düşməyibdir ki, bir müsəlmanı plov məclisinə qonaq çağıralar getməyə. İstər nə qədər vacib işi də olsun, gedəcək, öz evində yüz plov qazanı da asılmış olsun, gedəcək, ya özü naxoş olsun, ya evində naxoşu olsun, gedəcək, qar-yağış yağsın, gedəcək, dünyavü aləm bir-birinə toxunsun, gedəcək və mənzil nə qədər uzaq olacaq olsun, gedəcək. Avam arasında deyərlər «mollaya plov de, Marağa nə uzaq yoldur» və bu sözlər mə’nasız deyil. Mən yəqin edirəm ki, mən Tiflisdə bir plov qonaqlığı quram və Danabaş kəndindən molla Sadığı və Mərvdən hacı Məhəmməd Bağır ağanı qonaq çağıram — yəqin ki, üç-dörd gün keçməz hər ikisi burada hazır olarlar. Qərəz, mətləbdən uzaq düşdük. Keçən il Tiflis müsəlmanlarının arasına klub açmaq məsələsi düşmüşdü. Bu xüsusda yüz qırx iki dəfə məclis quruldu, əvvəl camaat cənab Nəbi bəy Yadikarovun evinə yığışırdılar. Bura yenə az-çox gələn olurdu, çünki heç olmasa çay var idi. Bir ayın içində 12 kəllə qənd təşrif apardı. Elə ki, qənd qurtardı ağalar başladı yavaş-yavaş azalmağa, xülasə axırda hökumət məhz biçarə müsəlmanlara rəhm edib Tiflis müsəlmanlarına izin verdi ki, klub açsınlar. Bunlar hamısı çox gözəl, amma lazım idi ki, müsəlmanlar bir yerə cəm olub klubu açsınlar. Bəli, bir gün rus qəzetələrində ə’lan etdilər ki, müsəlman qardaşlardan xahiş olunur ayın əvvəlində idarəyi-ruhaniyyənin məktəbxanasına cəm olub üzv yazılsınlar. Mən o günü gedib durdum məktəbxananın qapısında ki, gələnlərə tamaşa edim. Əvvəl bir gürcü tələbəsi gəldi və dedi ki, mən gəlmişəm müsəlman klubuna üzv yazılam, əgər müsəlmanlar məni qəbul etsələr. Mən dedim: buyur əyləş otaqda, inşaallah müsəlmanlar indi gələrlər və sözünü deyərsən. Sonra bir rus gəldi və haman sözləri dedi və mən də ona haman cavabı verdim. Bu da girdi içəri. Yarım saat keçdi Həsən bəy Sultanəlibəyov gəldi və faytondan enib üzünü tutdu qapıda duran nökərə və soruşdu ki, çay var? Nökər cavab verdi ki, xeyir yoxdur. Həsən bəy haman faytona minib təşrifini apardı. Bir az keçdi realnı məktəbxanasının müdiri fayton ilə gəlib soruşdu ki, müsəlman klubuna buradamı üzv yazılmaq lazımdır? Mən dedim: Bəli, buyur içəri. Yarım saatdan sonra hacı Qara cənabları təşrif gətirdi və nökərdən çayın əhvalatını soruşub çıxartdı saatını və dedi: mən yarım saatdan sonra inşaallah gələrəm. Bir qədər də keçəndən sonra Mirzə Xəlil əfəndi gəldi və nökərdən soruşdu ki, kim gəlib, kim gəlməyib? Nökər cavab verəndən sonra əfəndi dedi: indi ki, müsəlmanlardan heç kəs gəlməyib, ta mən burada nə qayıracağam? Bu da belə getdi. Xarici qonaqlarımız bir qədər gözləyib gördülər ki, heç gələn yox, bunlar da durub getdilər. Dəxi o gündən indiyədək Tiflisdə ikicə müsəlman bir yerə cəm olmuyub, niyə də olsun, nə var ki, cəm olsunlar? Ey yağlı plov, sən hamı aşiqlərə cansan, dillərdə bəyansan. Lakin bizə bir sevgili məşuqi-zamansan, məşhuri-cahansan. Gördükcə səni buğlana-buğlana gələndə taqət hanı məndə. Ətrin gəlir aşbaz səni boşqaba çəkəndə qovurma səpəndə. Əqlim dağılır, ruhum uçur nimçəni görcək, cana, səni görcək. Gəl söhbət edək mən səni, sən də məni görcək, biganədən əl çək. Səndən dəxi mən kəsmərəm heç vəchlə ülfət, ey işvəli nemət. Bir loğma əgər səndən ola aclara qismət, bid’ət qalı bid’ət Həsrət qalacaq vəslinə dərviş ilə sail, ey nikşəmayil. Rəhm eylə məni-zarə ki, oldum sənə mail, ey nimçeyi-kamil. Hər yerdə sən olsan iki min verst sürünnəm, təklifimi billəm. Səndən yana mən ağlayaram, gahi də gülləm, ta görməsəm ölləm. Ol gün ki, sən oldun küreyi-ərzdə zahir, ey teyyibi-tahir. Yanında varam indiyədək hazıri-nazir, əmrində mübaşir. Heyhat ki, mən eşqini bir ləhzə unutmam, ey yari-dilaram. Səndən çəkib əl bozbaşı, ya küftəni tutmam, ülfət gərək itmam xam avam hamam islam. * * * Qafqazda idareyi-məşrutə (Politika söhbəti) Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi: «Padşah sağ olsun, mənə çox korluq verən əvvəla Osmanlı kürdləridir, saniya İran qaçaqları və salisən İrəvan sərdarı Həsən xanın rəşadəti. Padşah sağ olsun, mən bunların heç birindən qorxmuram və ümidvaram ki, bir ay çəkməz bu vilayətə sahib olarıq. Amma padşah sağ olsun, qorxuram axırda işlər şuluq ola, ondan ötrü ki, bu vilayəti biz təsərrüfə götürəndən sonra İranın altmış illik seyidləri ilə bacarmayacayıq». Həqiqətən Paskeviç çox dəqiq adam imiş. Elə ki, dava tamam oldu və hər iki hökumətin mə’murları başladılar «Türkmənçay» sülhnaməsini yazmağa, İranın altmış illik seyidləri hər iki tərəfin mə’murlarına xəbər verdilər ki, Bakı, Gəncə, İrəvan mahalları və Batum mahalının bir hissəsi altmış ildən bəri seyidlərin hökumətindədir və İran padişahına dəxli yoxdur. Bu sözlərinin sübutu üçün seyidlər mə’murlara bir əhdnamə pişnihad elədilər və həmin əhdnamədə guya mərhum Fətəli şahın imzası da var idi. Axırda İran və Rusiya hökumətlərinin mə’murları seyidlərin ərizəsini və pişnihad etdikləri əhdnaməni nəzərə alıb haman ad verilən dörd quberniyanı ağaların ixtiyarında qoydular və həmin fəqərəni sülhnamənin 29-cu fəslində qeyd etdilər. Rus müvərrixlərindən məşhur Smirnovski rus və İran davasının əhvalatını müfəssəl bir surətdə yazıb və seyidlərin əhdnaməsinin surətini eynən həman kitabda dərc edib. Kitabın qiyməti 2 manatdır və satılır Tiflisdə hər bir kitab mağazasında. Xahiş edənlər alıb mütaliə edə bilərlər. Əhdnamənin məzmunu budur: Tarix 1285 hicri 7 şə’ban. Biz, İranın altmış illik seyidləri ki, ibarət olsun yeddi taifədən: taifə «Qurtbasan», «Zoğalı», «Dinməver», «Qatır hürküdən», «Osanlar», «Qarangulu» və «Başı daşlı», həmin əhdnaməni bağladıq bundan ötrü ki, Bakı, İrəvan, Gəncə və Batum vilayətlərini öz aramızda aşağıda yazılan səyaq ilə təqsim edək, ta ki, bundan sonra hər taifə öz qismətinə kifayət edib dəxi özgə taifənin sərhəddinə keçməsin: İrəvan vilayətində Şərur, Qəmərli, İrəvan və Kərnibasar mahalları «Qurtbasan» taifəsinin təhttəsərrüfündə olmalıdır. 2) Tiflis, Borçalı ta ki, Batumun bir hissəsi «Zoğalı» taifəsinin. 3) Qazax, Gəncə «Dinməver» taifəsinin, 4) Cavanşir, Ağdaş «Qatır hürküdən» taifəsinin. 5) Qarabağ, Zəngəzur «Osanlar» taifəsinin. 6) Bakı «Qarangulu» taifəsinin və 7) Naxçıvan, Culfa «Başı daşlı» taifəsinin. Əhdnamənin aşağısında on dörd min yeddi yüz otuz beş seyidin imzası var. Əhdnaməni mərhum Fətəli şah təsdiq edib. Hal-hazırda həmin əhdnamə və seyidlər hökuməti öz küçündədir və rus padişahı seyidlərə heç bir söz deyə bilməz, çünki hər bir vaxt seyidlər əhdnamənin surətini çıxardıb deyirlər: «Bu bizim kağızımız». Seyidlər hökumətinin vəz’i «Məşrutiyyeyi-mərkəziyyədir». İdarənin baş müdiri Gəncədə cənab Hacı Seyiddir. İdarənin bir şö’bəsi Ağstafadadır. Şö’bənin müdiri cənab Hacı Seyid Məhəmməd ağadır. Bəli, on dörd min yeddi yüz otuz beş nəfər altmış illik seyid qarışqası daraşıblar biçarə müsəlmanların canına və deyirlər: biz də sizin atanızın bir oğluyuq, ata və babanızdan sizə hər nə qədər irs qalıb, biz də ona şərikik, gəl qismət edək, hər kəsə nə düşər götürsün: Nəzm Qardaş, gəl indi qismət edək malu-dövləti, Paltar-palası boşla, quru canı sən götür. Gəlsə nə qədr təhvə və ya pişkeş mənim, Dərviş, yolçu, saili, mehmanı sən götür. Sarı inək mənim, xətai pişik sənin, Dişsiz köpəklə sayqılı tulanı sən götür. Pərgu balış, ipək döşək adyallar mənim, Yırtıq çeçim, kənarəli yorğanı sən götür. At ilə qatırı mənə ver, çulları sənin, Eşşəkləri də ver mənə, palanı sən götür. Dörd min qoyun, nə olsa da toğlu, keçi mənim, Altı köpəklə boz çuxa çobanı sən götür. Sınmış tiyan, quplu qazan, çərxi tas mənim, Nazik, zərif şişə kulabdanı sən götür. Xalça mənim, kənara mənim, kəlləci mənim, Yırtıq keçə qırağını pünhani sən götür. Mərhum atandan hər nə qalıb cümləsi mənim, Dul validənlə fövc yetimani sən götür. Sikkə mənim, qızıl, gümüş, almaslar mənim, Puli-siyah rayiçi-İranı sən götür. Dörd çilçirağ, altı böyük lampalar mənim, Nuh əsrdən qayırma bu şəmdanı sən götür. Çaqqı piçaq və şaşqanı, kördanı ver mənə, Dörd bel səpilə əyri orağçanı sən götür Başı böyük bağ ilə otuzbir dukan mənim, Dağ ilə daşu bərrü biyabanı sən götür. Evlər mənim və bağça mənim, çoxdu zəhməti, Çox da darıxma, çöldəki bostanı sən götür. Bağın hamı ağacları başdan-başa mənim, Başdan yuxarı ərşi-müəllanı sən götür. Var-yox pulu burax mənə qardaş xətası var, Baş ağrımaz mütalibi-divanı sən götür. At ilxısılə dağdakı otlaqlar mənim, Nalsız yabını, yonçanı, samanı sən götür. Hər nə münasib olsa gərək qismət eyləyək, Hop-hop ağanı ver mənə Mollanı sən götür. Sən çox danışmaq istəməsən Lağlağı mənim, Hərdəmxəyalı, Mirzə Taraqqanı sən götür. Qızdırmalını tap hələ sərsəm danışmağa, Tazə yazan Dəlini, Mozalanı sən götür. * * * İbadət Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq. Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm. Bir gün getdim məscidə. Məscidə girəndə əvvəl sağ ayağımı qoydum və sonra girib oturdum və fikrimdə də qoymuşdum ki, çıxanda sol ayağım ilə çıxım. Bəli, oturdum. Şəbih gətirirdilər, çünki məhərrəmlik idi. Məscid tamam oldu, a başınıza dönüm, camaat hücum çəkdi qapıya. Mən də istədim çıxam, amma bunu da yadımda saxlamışdım ki, gərək sol ayağım ilə çıxam. Bəli, mən yeridim qapıya tərəf, camaaq qoyurmu? Bu onu basır, o bunu basır, mən də bunu yadımda saxlamışam ki, gərək sol ayağım ilə çıxam. Adam da ki, elə ha basır, mən istədim ki, qayıdıb gözləyəm ki, camaat çıxsın, sonra mən də çıxım, mümkündümü dalı çəkilmək! Bəli, gördüm ki, dal tərəfdən məni basırlar qabağa. Yeridim qabağa, heç bilmirəm hara yeriyirəm, çünki adamlar minib biri-birinin üstünə. Gərəz, məni basdılar qabağa, bir adam da dal tərəfdən məni hey bizliyir ki, tez ol get qabağa. Deyirəm, ay qardaş, qabağa getmək mümkündümü gedim qabağa? Bu heynidə bir adam atılıb mindi mənim boynuma. Dedim, eybi yoxdur, müsəlman məscidində belə işlər də olar. Müxtəsər, basdılar, basdılar, basdılar, bir də gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına çığırır. Dedim, ay qardaşlar, bu uşaq tələf olar eşidən kim? Nə başınızı ağrıdım, yarım saat qədərincə qaldım bu mançanağın içində. Axırda birdən üzüquylu yıxıldım qapının astanasına. Bir-iki adam da mənim üstümdən ayaqlayıb keçdi, amma çıxdım... Bəli, çıxdım eşikə, bir nəfəsimi aldım. Camaat da belə çığırır, belə bağırır, biri urra çəkir, biri uşkürük atır, biri papağını göyə tullayır, biri-birinin boynuna tullanır, biri qaçır, biri qovalayır. Birdən mənim yadıma düşdü ki, gərək sol ayağım ilə məsciddən çıxaydım. Amma yadımda qalmadı hansı ayağım ilə çıxdım. Bunlar hamısı ötüşər, amma ürəyimdə bircə dərd qaldı. Çünki bilmədim hansı ayağım ilə məsciddən çıxdım. * * * Ana dili Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır. Qazı içəri girən kimi mən qabağa yeridim və dedim: salam malik. Cənab qazı mənə cavab verdi: – Ay əssəlam əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşallah-maşallah, əxəvizadə necə müddətdi müntəziri-vücud zicüdiniz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzaci-mübarəkləri salimdir. Mən bir şey başa düşməyib dedim: – Da. Cənab qazı bir qədər baxdı mənim üzümə və yenə başladı: – Əxəvizadə, təhsili-fününinizi əncamə yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülmüəllimə övdət etməlisiniz? Mən yenə bir şey başa düşməyib dedim ki: – Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz. Axund soruşdu: – Neçə? Mən dedim: – Çto? Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: – Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim? Dedim: – Ana, mollaynan biz ana dili danışırdıq. Anam başını saldı aşağa və bir qədər fikrə gedib dedi: – Yazıq ana dili! * * * Tazə xəbərlər «Tərcüman»da yazıldığına görə Almaniya və Fransa ərbab-hünəri bir çox vaxtdır «hava əskərləri» çıxarmaq niyyətindədirlər. Bunu eşidib İran və Osmanlı hökumətləri də çox fikirdən sonra bir neçə firqə «yeraltı əskəri» pərkarlayırlar. Ona cəhət Mərənd, Təbriz və Xoyda olan kənkanlar —quyuqazanlar cümləsi tüfəng altına çağırıldı. Bizə yazıldığına görə Urmi şəhərində bu barədə bir darülfünun bina edildi. Türkiyə tərəfindən İran sərhəd məsələsindən ötəri sərhəddə yığılan əskərlərin cümləsi haman darülfünunda məccanən təhsil edəcəklər imiş. * * * Azərbaycan padşahları Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Azərbaycanda necə padşah var? Bu barədə Almaniya səyyahı Reyngart və inkilis səyyahı Bekker kitablarında yazdıqları mə’lumat biri-biri ilə müxtəlifdir. Reyngart səyahətnaməsinin 65-ci səhifəsində yazır ki, Azərbaycanda 2522 padşah var, amma Bekkerin səyahətnaməsinin 125-ci səhifəsindən anlaşılır ki, Azərbaycanda 2323 padşah var. Həmin iki səyyahın arasında keçən il bu məsələnin barəsində sual-cavab var idi. Reyngart Almaniyada çıxan «Trinxen» qəzetində yazdığına Bekker İnkiltərədə çıxan «Tayms» qəzeti ilə cavab verirdi. Axırda mə’lum oldu ki, Bekker Azərbaycanın Nəmin adında vilayətini nəzərə almayıb və buranın padşahlarını hesaba daxil eləməyib və bu səbəbdən Bekkerin hesabında Azərbaycan padşahlarının sayı 199-a qədər əskik çıxıb. Vaqiən Nəmin vilayətində 199 padşah var ki, bu vilayətdə onlara «xan» deyirlər. Reyngart Nəmin vilayətin barəsində belə yazır: «Nəmin vilayətində 199 xan var və on beş fəqir və biçarə rəiyyət var və burada bir yaxşı hamam var və bu hamamın pakizə suyu var. Hər bir xanın 99 oğlu və 99 əl quşu və 99 tulası var. Xanların binayi xeyirlərindən qırxa kimi darülfünun var və bu darülfünunların xərci güc ilə on beş nəfər kasıb rəiyyətdən alınır və bu məktəblərdə yaxşı elm oxunur, məsələn, «Cinn Yusif», «Məşrubat», «Qumar» və bu vilayətdə rəiyyətlərin əkilmiş zəmiləri də var və hərdən bir xanların könlü gəzmək istəyir, çünki allaha şükür, kefləri kök, damaqları çağ, alacaq var, verəcək yox, quş var, ar yox, tula var, insaf yox, yumruq var, allah yox... Xülasə, a başınıza dönüm, bir gün bu padşahlar, yə’ni bu xanlar adama bir at, 21 tula və bir quş, 21 nökər üz qoydular rəiyyətin əkilmiş zəmilərinə və başladılar bu tərəfdən o tərəfə çapmağa, o tərəfdən bu tərəfə çapmağa. Çəkmədi bir az, zəmilər zir-bəzir oldular və əkinçilər də asudəliyə çıxdılar, çünki dəxi bir zəhmətləri qalmadı və axşam vaxtı Nəmin padşahları, yə’ni xanlar belə əhəmiyyətli fəthü zəfər ilə geri qayıdıb başladılar əvvəl «Qara xallı tulanın iy bilməyini, tərlan quşun ov ovlamağını» müzakirə və mübahisə etməyə və sonra mübaşir oldular eşyi-işrətə. İdarədən: biz belə eşitdik ki, Reyngartın kitabında bu əhvalatı oxuyandan sonra Avropada çox adam ağlayıb. Amma bizlərdə bir belə xəbər qəzetdə ya kitabda oxuyanda öz-özümüzə deyirik: «Maşallah, maşallah!». Uşaqlıqda bir gecə canıma bir birə girib qoymurdu yatam. Çağırdım xalamı və ağlaya-ağlaya şikayət elədim. Xalam mənə dedi: «Bala, yat, əlbət allah belə məsləhət bilib». Dedim: xala, vallah yata bilmirəm. Dedi: «Bala yat, allah məsləhətidir». Dedim: xala, sən allah bu birəni mənim canımdan rədd elə. Dedi: «Bala, yat, əlbət allah belə məsləhət bilib». Xalam belə deyirdi. Mollalarımız da deyir: «Dər dəf’i xədənki-sitəmi-gərdişi-gərdun, behtər ze kifayəti-ilahi sepəri nist». Xanəndə və sazəndələrimiz də hər toy məclisində əvvəl bunu başlayıb oxuyurlar: «Bari xudaya sən özün hifz elə Bu xan balasını, bu şahzadəni». – adamlar da çırtıq tutub oynayırlar. * * * Millət ataları Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Mə’lumdur ki, indi çox yerdə millət ataları bu fikrə düşüblər ki, milləti qabağa aparsınlar və gecə-gündüz gah bu evə, gah o evə cəm olurlar ki, məsləhət eləyib bir iş görsünlər. Belə-belə yığınçaqlara mən yaxşı diqqət eləmişəm. Məsələn, götürək Vladiqafqaz şəhərini. Burada millət ataları bir gecə bu tacirin evinə yığışırlar, o biri gecə bir özgə tacirin evinə, o biri gecə bir ayrısının evinə cəm olurlar. Adını da qoyublar ki, yığışırlar milləti-biçarənin qabağa düşməkinən ötrü bir mərizxanə, ya qiraətxanə açsınlar. Belə məclislər qurulanda indi imtahan üçün gedək duraq akoşqanın qabağında və görək nə danışırlar. Görürsən ki, məclis əhlinin birisi sol əlini qoyub yerə düşüb bir məcməinin üstə və plov yeyir. Heç danışan yoxdur. (Çünki çörək üstdə danışmaq günahdır). Bir qədər durursan, görürsən ki, qonaqların bir ayrısı deyir: «Sağ olsun belə plov bişirən». Ev sahibi də buna belə cavab verir: «Hacı ağa, sədri düyüsünü hər aşpaz bişirə bilməz, sədri düyüsünün xasiyyəti əvvəla budur ki, gərək bişəndən bir gün qabaq su içində qala, yoxsa yaxşı plovu çıxmaz». Sonra ağaların bir özgəsi deyir: «Xeyir, bunların hamısı keçəndən sonra düyünü süzüb qazana qoymaq da çox şərtdir, çünki aşpaz gərək süzmək vaxtını bilə və bir dəqiqə o yan-bu yan olmaya, yoxsa plov xarab olar». Hər bir belə məclisin xərci 20—30 manatdan əskik deyil. İndiyədək Vladiqafqazda on yeddi dəfə bu cür məclislər tərtib verilib və inkilis hesabı ilə hər adam burada iki-üç manatlıq vaxt sərf eləyib (hərçənd bizlərdə vaxt müftədir). Bu hesab ilə on yeddi məclisin xərci bir neçə yüz manat eylər. Bir neçə dəfə də belə-belə məclislər qurandan sonra Vladiqafqaz ataları birdən baxıb görəcəklər ki, dəxi qiraətxana açmağa, ya mərizxanə bina eləməyə cibdə pul qalmadı. «Tazə həyat»dan təvəqqə eləyirik ki, bizdən inciməsin, ondan ötrü ki, biz bu sözləri xeyirxahlıq yolu ilə danışırıq, yoxsa qəsdimiz vladiqafqazlılara sataşmaq deyil. * * * Qayırma hədislər Hərdən bir mənim xəyalıma belə şey gəlir: Kah vaxt olur ki, bir rus, ya qeyri bir millət məndən soruşur ki, peyğəmbəriniz nə vaxt təvəllüd tapıb? Deyirəm: vallah bunu da bilmirəm. Rəfiqim çox təəccüblə genə soruşur ki, çox yaxşı, bunu bilmədin, bəs nə vaxt vəfat edib? Deyirəm: vallah bunu da bilmirəm. Rəfiqim deyir: — Bəs sən necə müsəlmansan? Deyirəm: — Bunu bilməyən tək mən deyiləm. Bunu bütün islam aləmi hələ bilmir. Həqiqət, peyğəmbərimiz nə vaxt dünyaya gəlib və nə vaxt vəfat edib? Biri deyir rəbiəl əvvəlin 12-sində dünyaya gəlib, biri deyir rəbiəl əvvəlin 17-sində dünyaya gəlib. Biri deyir səfərin 28-ində vəfat edib, biri deyir rəbiəl əvvəlin 12-sində vəfat edib. Demək ki, peyğəmbərimizin təvəllüd və vəfatı kimi böyük və aşikar vüquatı, bir belə əhəmiyyətli tarixi biz bilmirik. Bəs biz nə bilirik? İndi gələk qayırma hədislərə. Qapazlı kəndinin mollası rəhmətlik molla Qulaməli həmişə deyərdi ki, peyğəmbərimizdən rəvayətdir ki, nəuzu-billah, xörəyi əl ilə yeyəndən sonra barmaqları yalamağın çox feyzi var. Soruşardıq ki, cənab molla, bunu sən haradan bilirsən? Cavab verərdi ki, bir belə hədis var. İndi mənim xəyalıma bu gəlir ki, peyğəmbərin təvəllüd və vəfat tarixini doğru bilməyən bir millət yüz minlərcə hədislərin doğru və yalan olmasını nə cür bilsin? Amma allah molla Qulaməliyə rəhmət eləsin. * * * Azarlamaq İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm». Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür. Amma indi bilirəm ki, bu cavabların hansı düzdür. Dünən cənab Şeyxülislam «institut» məktəbində müsəlman qızlarının birindən soruşub ki, «Pəs niyə anan bu gün məktəbə gəlmədi?» Qız cavab verib ki, «anam azarlıdır». Cənab şeyx qıza diqqət tutub ki, «belə deməzlər, deyərlər «naxoşluyub». Yazıq qız adamların içində çoxluca utanıb və qızarıb, çünki eşidənlər elə güman ediblər ki, biçarə qız səhv eləyib. İndi mən bildim ki, «azarlayıb» sözü danışmaq səhvdir və indi bildim ki, lazımdır demək «naxoşlayıb». Yoxsa çox vaxt adam bunları bilməyəndə ayıb olur və danışanda qələt danışır. Amma indi mən bildim. * * * Veyillər Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa. Şuşa naçalniki qubernatora belə cavab verib ki, bekar adam tapılmadı ki, gəlib çəkirtkəni qırsın. Bəli, bekar adam tapılmadı. Bekar adam tapılmadı. Yə’ni naçalnik deyir ki, müsəlman içində bekar adam tapılmadı... yazıq naçalnik! Yazıq naçalnik, gəl səni aparım Naxçıvana, bir gör nə var, nə yox? Gəl sənə xəbər verim Naxçıvan veyillərindən. Naxçıvan vilayətinin bir gözəl şəhəri var, adı Naxçıvandır. Bu gözəl şəhərdə bir meydan var və bu meydanın adına «Darmayed» meydanı deyirlər. Naxçıvan şəhərinin bəyləri gündə iki dəfə yığışırlar həmin meydana: bir günorta vaxtı, bir də axşam vaxtı və başlarlar söhbəti. Məsələn, biri deyir ki, «sərdar Naxçıvana gələndə bahar idi», o biri deyir ki, «xeyir, payız idi», bu deyir «xeyir, bahar idi», o biri deyir «xeyir, payız idi». Genə bu deyir «xeyir, bahar idi», genə o biri deyir «xeyir, xeyir, payız idi». Sonra bu biri deyir «gəl mərc eliyək», o biri də deyir «gəl mərc eliyək». Bu deyir «nədən?», o biri də deyir «nədən?». Genə bu deyir «nədən?», genə o biri soruşur «nədən?». Bu biri deyir «yarım kirvənkə tut qurusundan», o biri deyir «yox, bir rumka araqdan». Qərəz, mübahisə çəkir axşama. Axırda bəhs edənlərin birini Əli bəy çəkib aparır, o birini Vəli bəy çəkib aparır. Sabahkı günü genə yığışırlar. Genə həman söhbət düşür ortalığa. Birisi deyir ki, Sərdar Naxçıvana gələndə gül vaxtı idi, hətta əlimdə bir dəstə gül var idi. Dedilər Sərdar gəlir, gülü qoydum baqqal kərbəlayi Ağanın dükanına və qaçdım tamaşaya». O biri deyir ki, «xeyir, gül-zad yox idi, yemiş vaxtı idi, hətta kərbəlayi Həsənqulu yemiş çuvallarını yükləmişdi eşşəyə və körpünün üstündən keçirdi, hətta bu da yadımdadır ki, bashabas düşdü, eşşək yıxıldı palçığa, mən də o qədər güldüm, o qədər güldüm ki, az qaldı ki, mən də yıxılam palçığa». Həmin mübahisə hələ indiyə qədər genə qurtarmayıb, hələ indiyə kimi mə’lum deyil ki, Sərdar nə vaxt Naxçıvana gəlib. Belədi! Şuşa naçalniki deyir ki, müsəlman içində bekar adam tapılmır. Elədi! İndi, ay cənab naçalnik, gələsən Naxçıvanın veyillərini qatovlayıb aparasan bir günün içində Qarabağın çəkirtkəsini qırıb qurtarsınlar?! Amma aparsan, yadında qalsın, keçən il kimi bu yazıqları da ac qoyma. Çörək göndər yesinlər. Bəli, müsəlman içində bekar adam tapılmır. Belədi! * * * Hamam Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır. Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!.. Beş ildən bu yana gör nələr əmələ gəlib, nə qədər işlər dəyişilib. Rus-Yapon davası olub, İrana hürriyyət verilib, erməni-müsəlman davası düşüb, qəzetələr çıxıb, səliqələr artıb, gözlər açılıb, qulaqlar xırdalıb, başlar yekəlib... gərəz. Bəli, eşitdim ki, bir müsəlman tazə hamam tikdirib və yəqin elədim ki, bu müsəlman əlbət qabaqca gedib Tiflisdə və ya qeyri bir yerdə hamamlara tamaşa eləyib və oradan qayıdanda yanınca bir ustad gətirib, plan çəkdirib və insana layiq bir hamam tikdirib ki, insanlar gəlib orada təmizlənib getsinlər. Getdim hamamın tamaşasına... Hamama baxıb qayıtdım və yol ilə gələ-gələ çox fikir elədim ki, mən bu işləri başa düşmürəm, çünki tutaq ki, mən bu hamamı bəyənmirəm, amma mən bəyənməyəndə nə olar və tək birçə mən bəyənməmək ilə məgər xalqın hamamına pis demək olar? Tutaq ki, mən bəyənmirəm, bəlkə, məsələn Ordubadın qırmızısaqqallılarından ötrü bu hamam əla bir hamamdır və bəlkə yəqin də belədir!?.. Amma bircə burası var ki, Ağdam lap müsəlman hamamıdır... * * * Ticarət və ekonomi xəbərlər Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir. Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil. Qəndin putu indi gedir altı manata. Əgər adam bunu qabaqca bilsə ki, müsəlmanları günlərin bir günü şeytan yoldan çıxardacaq və deyəcək ki, uşaqlarınızı qoyun dərsə, və müsəlmanlar da şeytanın sözünə aldanıb hamısı birdən başlayacaqlar metrik şəhadətnaməsi çıxartmağa və bir şəhadətnaməyə qazıların evinə bir kəllə qənd göndərməyə, — əgər adam bunu qabaqca bilə bilsə, var-yoxunu yığıb verər qəndə və doldurar ambarlara ki, bahalananda satsın qazan- çına, çünki əgər Qafqazda erməni və gürcü uşaqlarına verilən metrik şəhadətnamələrinin dörddən biri müsəlman uşaqları üçün alına, yəqin ki, bir ayın içində qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqcadan bilmək çətindir, odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil. Və burada heç özgə bir çarə yoxdur, ondan ötəri ki, nə yolları bağlamaq olar ki, qənd bahalansın, nə müsəlmanlara zornan metrik şəhadətnaməsi aldırmaq olar ki, qənd bahalansın. Fərasətli tacirlər bunu yaxşı bilirlər, və bu səbəbdən ağıllı-başlı adamlar qənd alış-verişinə girmirlər. * * * Amma tüfəng və patron alış-verişi belə deyil. Elə vaxt olur ki, berdanka tüfənginin biri gedir otuz manata, patronun biri gedir bir şahıya, dörd qəpiyə. Şüurlu və təcrübəli adamlar var-yoxlarını cəm eləyib verirlər tüfəngə və patrona və bir xəlvət yer tapıb gizləyirlər, və bunu da bilirlər ki, indi tüfəngə və patrona hörmət qoyan yoxdur, ondan ötrü ki, indi sakitlikdir, dava-zad yoxdur və bunu da yəqin bilirlər ki, əgər birdən erməni-müsəlman davası düşsə tüfəngin biri qalxacaq dörd yüz, beş yüz manata, patronun biri gedəcək yarım manata. Burada iş asandır, çünki lazımdır ki, bir erməni bir müsəlmanı öldürsün, yainki bir müsəlman bir ermənini öldürsün və bunu da biz bilirik ki, əgər bir müsəlman bir ermənini, ya bir erməni bir müsəlmanı öldürsə haman saat erməni-müsəlman davası başlanacaq. Odur ki, fərasətli tacirlər qənd alış-verişinə girmirlər və səbəbi də budur ki, zornan nə yolları tutmaq olar ki, qənd bahalansın, nə də zornan müsəlmanlara metrik şəhadətnaməsi aldırmaq olar. Və lakin erməni müsəlman davasını saldırmaq çox asandır. Belə tutaq ki, mən üç min manat mala qoyub yüz tüfənk yığıb saxlayıram və min manat verib ikirmi min patron yığmışam. Əgər erməni-müsəlman davası düşsə, mən tüfəngin birini satacağam dörd yüz manata və patronun birini satacağam yarım manata, yə’ni bir neçə günün içində mən azından otuz min manat pul qazanacağam. Və mən bunu da bilirəm ki, bir erməni bir müsəlmanı, ya bir müsəlman bir ermənini öldürən kimi dava başlanacaq. Dəxi bundan da asan iş yoxdur: heç olmasa bir bekar adam taparam və əlinə on manat, ya yüz manat itələyib deyərəm: erməni qardaş, get bir müsəlman öldür, yainki müsəlman qardaş, get bir erməni öldür, vəssəlam. Və bunu yəqin bilirəm ki, dava başlanacaq. * * * Bu qədər var ki, qənd alış-verişi faydasız işdir. Odur ki, ağıllı adamlar qənd alış-verişinə girmirlər. * * * Bağ «Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix». Sədi. Mən indi uzaxdan eşitdim ki, bir İran fəhləsi çığırır və haray təpir, yəqin elədim ki, onu nəyibin biri tutub istəyir söysün. Mən həmişə bu cür görmüşəm: nəyib, yanında fərraşlar, əlində ağac, qazı-qazı gəzir. Bir də görürsən fərraşlar uzaqdan bir fəhlə görüb alıcı quş kimi çumuldular biçarənin üstünə, və tutub gətirdilər nəyibin yanına. – Gədə, biletin var? – Xeyir, ağa. – Gədə, soyundurun bunun paltarını! Fəhlənin paltarını hərraca qoyub satacaqlar ki, biletin pulu çıxsın. Bəzi vaxt belə də olur ki, fəhlənin əlində bileti də olur, amma genə qabağına bir bəhanə itələyəcəklər ki, məsələn, bu bilet sənin deyil və bu tövrinən genə bir-iki manat qopardacaqlar. Hansı bir konsula bunu desən, cavab verəcək ki, «Pə, baba, mən neyləyim, qanundan kənar bir əməldir ki, nəyiblər tuturlar, dəxi mən neyləyim?» Amma iş özgə cürdür. Dünən İran məmurlarının birinə rast gəldim, soruşdum ki, sənin mənsəbin nədir? Cavab verdi ki, nəyibəm. Sual: — nə qədər məvacib alırsan? Cavab: — Hər nə qədər ki, təzkirə xərc versək, birinə bir manat bizim məvacibimizdir. Sual: — bu nə olan işdir? Cavab: — Vallah heç özüm də bilmirəm, ancaq onu bilirəm ki, konsul bizə məvacib verməz. Sual: — sizin məvacibiniz dövlətdən nə qədərdir? Cavab: — Ayda yüz manat. Sual: — bəlkə siz heç təzkirə xərcə verə bilmədiniz, onda nə yeyəcəksiniz ki, ölməyəsiniz? Cavab:—Vallah, doğrusu, onda hansı iranlıya rast gəlsək tutub zornan və səbəbsiz dərisini soyacayıq. Sual: — bə İranın məşrutiyyəti necə oldu? Cavab: — pa, rəhmətliyin oğlu, elə məşrutiyyət Mirzə Rza xanları, Mirzə Ələsgər xanları və qeyri konsulları başa verdi, qaldıq biz? Nə danışırsan, rəhmətliyin oğlu? Bəlkə də konsullarda o qədər də günah yoxdur. Bəlkə onların günahı məhz budur ki, bunlar rəiyyətin bağından ancaq bir alma yeyirlər. Amma söz buradadır ki, konsul bir alma yeyəndə, nəyib də alma ağacını bərətini köküdən çıxardır. Və necə-necə illərdi ki, İranın alma ağaclarını dibindən çıxardıb yan-yana yıxıllar. Kimlər? Kimlər? Haman bağın bağbanları!.. * * * Görəsən Mənim xəyalıma bir şey gəlir: «Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi. Görəsən həmin möhtərəm hacıların cibindən öz vilayətlərində ildə neçə qəpik pul çıxıb girir fəqirlərin cibinə? Bekar müsəlman qardaşlardan təvəqqə edirik bizim bu sualımıza cavab yazıb göndərsinlər idarəmizə. * * * Vurhavur Hərdən xəyalıma belə bir şey gəlir: Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir. Keçən səfər ayında İranda idim. Ərdəbil şəhərində bazar ilə keçirdim. Gördüm bir nəfər adamı hər çatan ağac ilə, daş ilə, təpik ilə döyür. Xülasə, o qədər döydülər ki, ölüm halında düşdü. Xəbər aldım ki, bunun təqsiri nədir, dedilər «çörəkçidir, çörəyi yaxşı bişirməyib». Oradan gəldim Bakıya, bir nəfər rəfiqim ilə Təzəpir məhəlləsi ilə keçirdim, gördüm bir nəfər adamı otuz, bəlkə qırx müsəlman araya salıb döyürlər. Soruşdum ki, bunun təqsiri nədir, cavab verdilər ki, qəribdir, özü Ordubad əhli, adı Heydərdir, döyənlər də bakılıdırlar. Bəs axır niyə döyürlər? Cavab verdilər ki, bir bakılı ilə sözə gəlib, biri-birini söyüb, qalan bakılılar da qeyrətə gəliblər. Qərəz bu da belə. Sonra yolum düşdü Gəncəyə — döyürlər, vurhavur, yolum düşdü İravana—vurhavur, hər yana vurhavur. Müxtəsər, bir yana ki, gedirsən, əgər istəsən biləsən ki, bura müsəlman aləmidir — bax gör: əgər iyirmi-otuz müsəlman bir yerə yığışıb bir adamı döyür bil ki, müsəlman vilayətidir. Xülasə vurhavur... * * * Zərafət Hərdən mənim xəyalıma belə bir şey gəlir. «İrşad»ın sütunlarında gözümüzə sataşdı ki, iki il bundan irəli Bakıda aclar üçün cəm olunan qırx beş min manatın yarısı xərcləndi, amma yarısı hələ xərclənməyib durur. Yenə «İrşad»ın bir özgə nömrəsində oxuduq ki, Zəngəzurda müsəlman övrətləri özlərini suya atıb boğurlar ki, balalarının acından ölməyini gözləri görməsin. Əgər bu sözləri qeyri millətlər «İrşad» qəzetəsində oxusalar, deyəcəklər ki, bu yazılanın ikisindən biri zarafatdır, çünki əgər doğrudan ianə komitəsinin sədri hacı cənablarının sandığında qırx beş min manatın yarısı durur, elədə Zəngəzur övrətlərinin suda boğulmasını zarafat ilə yazıblar, ya da ki, bu axırıncı fəqərə doğru olsa, elə də pulun kassada yatması zarafatdır. Amma bizlər bu işləri qəzetdə oxuyub görürük ki, ikisi də doğrudur. Yə’ni həmi pulların yarısı durur, həmi aclar acından ölür və bunların heç birisini biz zarafat hesab eləmirik. Söz yox, qəzetdə yazılanların heç biri zarafat deyil. Amma bunları görəndə adamın fikrinə belə gəlir ki, biz müsəlmanları allah-taala zarafat üçün yaradıb. * * * Töhvə İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir. Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır: əş...............370 cəmadi.........58 vərcəba......212 təri............210 əcəba..........72 cəmi eylər 1326 ki, bu ildə İran və Osmanlı inqilabı başlayıb. Müəllim cənablarının sözündən bu çıxır ki, hər bir Hacı Həsən Naxçıvanda və Feyzi cənabları İstambulda əgər istəsələr hər bir hədisin kəlmələrini bir-birinə çalıb bilərlər ki, bundan da sonra dünyada nə böyük vüquat əmələ gələcək. Mən elə bilirəm bu cür oyunbazlıqlar hədislərin üstünə gülməkdir. Və bir də əbcəd hesabı natəraş hesabdır. Hürufatı əbcəd hesabına götürərsən birdən görərsən ki, məsələn axırda çıxdı otuz, yə’ni otuz ildən sonra camaatımız gözünü açıb görəcək ki, Məşədi Həsənlərin və Feyzi cənablarının əbcəd hesabları millətı qaranlıqda saxlayan düşmənlərin ən böyüyü imiş. «Şəms» ruznaməsində yazılan əbcəd tapmaçası şeyx Əbülhüdaya və Danabaş kəndinin prixod mollasına yaraşan şeydir. Amma indiki zəmanədə Balkan vüquatının müqabilində bu cür pərpuçatı məşğələ etməyi biz müəllim Feyzi cənablarından gözləmirdik. Doğrudan da ayıbdır. * * * Qəribə günə qaldıq Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur. A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq. * * * Miyanə Miyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir. Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq. Bu şəhərin mö’tədil havası, vəsih və xoşayənd mənzərəsi vardır. Ələlxüsus, bu şəhərin çox arif, çox həlim və xoş adamları vardır ki, hər kəsin üzünə baxıb o saatda bilirlər ki, nə hörmətə layiqdir və nə karın sahibidir. Belə ki, Mirzə Həsən ağa (əstəğfürulla, Təbriz müctəhidi) Təbrizdən qaçan vaxt ki, istəyir Tehrana getsin, lazım olur ki, haman Miyanə şəhərinin içindən keçsin. Miyanə ürəfa və danişməndanları baxəbər olaraq o saatda fəhm edirlər bu cənab nə tövr adamdır. Binaən əleyh çünki ağa müsibət övzali sayılır və Təbriz acısı hənuz dimağındadır. Lazım bilirlər ki, ağanı şadyanalıq ilə pişvaz etsinlər. Vaqe’də Miyanə camaatı çox arif adamlardır ki, hər kəsi öz şə’ninə layiq pişvaz edirlər. * * * Təəccüb Doğrudan çox təəccüb ki, necə qorxmurlar? «Din və məşəqqət» məcmuəsi 6-cı nömrəsində yazır ki, «bu Avrupa müqəllidləri — bə’zi müdərris və müəllimlər ki, övrətlərini və qızlarını götürüb teatrlara gedirlər — bunlar yomul-məhşərdə xuda hüzurunda rüsvayi-aləm olmaqdan necə qorxmurlar?» Doğrudan, necə qorxmurlar? Mən də həmişə təəccüb eləmişəm ki, bizim Qafqazda da bir para Avrupa müqəllidləri və Avrupa elmlərini oxuyanlar övrətlərini və qızlarını götürüb teatrlara aparırlar. Doğrudan, görəsən bunlar məhşər günü rüsvayi-cahan olmaqdan necə qorxmurlar? Çox, çox və çox təəccüb eləyirəm ki, necə qorxmurlar. Ay başın batsın! * * * Müjdə Sünnü və şiə ittihadı tərəfdarlarına müjdə: Bu axır vaxtlarda qəzetlərdə ha oxuyurdum ki, gərək biz gecə və gündüz çalışaq sünnü-şiə təfriqəsini aralıqdan götürək. Amma mənim fikrimə bir belə şey gəlirdi ki, doğrudur sünnü və şiəliyi aralıqdan götürüb ancaq müsəlman olmaq lazımdır, bununla belə, nə lazım ki, bu yolda həmi gecə çalışmaq, həmi gündüz çalışmaq? Gecəni allah qaranlıq yaradıb ki, məxluq yatıb dincini alsın, məyər kifayət eyləməzmi ki, bircə gündüzlər çalışıb gecələri rahət olmaq? Mənim sözümə baxan olmadı və genə qəzetlərdə oxuyurdum ki, «Müsəlmanlara lazımdır gecə-gündüz ittihad yolunda çalışıb biri-birlərinə arxa olmaq və nifaqı aradan götürmək». Amma mən bilirdim ki, bədnəzərin bəd nəzərindən qurtarmayacayıq, bilirdim ki, axırda bizə göz dəyəcək. Elə belə də oldu. Məsələn, bu günlər Qazax şəhərində şiələrin mədrəsəsindən üç sünnü uşağını çıxarıb qovublar, məhz o səbəbə ki, bu uşaqların üçünün də adı Ömərmiş. Əgər bu xəbər yalandır, Qazax şiələrinin vəbalı olsun bu sözü yalandan icad edənin boynuna, əgər doğrudursa, şiələri tapşırdım yeri, göyü çox yerdən yaradan bir allaha. İkinci müjdə də budur ki, Tiflis şəriətmədarlarımız qərar qoydular ki, açılmağı nəzərdə olan təzə ruhaniyyə mədrəsəsinin adını qoysunlar şiə məktəbxanası və oraya sünnü tələbələrini qəbul eləməsinlər. Mən bu sözləri burada ondan ötrü yazıram ki, bir də bir işə çalışanda gecə və gündüz çalışmamaq, çünki adama göz dəyər, bircə gündüzləri çalışmaq kifayətdir. Yoxsa bu neçə ilin müddətində qəzetlərdə və məclislərdə həmişə çığır-bağır salmışıq ki, «Ay müsəlman qardaşlar, gecə də və gündüz də gərək sə’y edək müttəfiq olaq». Gecələr sizə peşkəş olsun. Bircə gündüz çalışsaq bəsdir. * * * Mürəkkəb (Əz ehkami-nəcasat) Üləmamızdan rica edirəm ki, bu nöqtəyə diqqət edib bəndeyi-həqirin bu məsələsinə cavab iltifat buyursunlar. Məsələ Necə ki, mə’lumdur bu axır vaxtlarda cənabani qazilərimiz başlayıblar qur’anı türk dilinə tərcümə etməyə. Hələ tərcümə etməyi onlara güzəşt olsun, hərçənd ki, etməsəydilər dəxi də yaxşı olardı. Amma sözümüz çap barəsindədir. Dünya və aləm buna şahiddir ki, haman qazi cənabları hələ tərcüməyə iktifa eləməyib, başlayıblar tərcümə etdikləri quranı rus və gürcü mətbəələrində çap eləməyə. Mə’lum şeydir ki, mətbəənin mürəkkəbi nəcsi-məhzdir, hər bir kəsin mətbəəyə yolu düşüb, öz gözü ilə görüb ki, rus və gürcü əmələləri öz əlləri ilə mürəkkəbi götürüb sürtublər maşının dəstələrinə və bu minval ilə aylar və illər uzunu qur’anın səhifələrini çap eləməyə məşğul olublar. Bundan əlavə haman mürəkkəbi əcnəbilər nə bilim nə yağlardan, nə bilim nə zəhrimardan qayırıblar ki, hələ üfünətindən adamın başı çatlayır. Halbuki mürəkkəb barəsində ağayi Şirazi öz kitabının 25-ci səhifəsində belə buyurubdur: «Ba mürəkkəbi-nəcs əmdən qur’an nəviştən həram əst». Yə’ni nəcs mürəkkəb ilə qur’anı yazmaq haramdır. Dəxi bundan aşkar mətləb olmaz. Üləmayi-kiramdan bu məsələyə cavab gözləyirəm. * * * Bayqot Allah heç bir kəsi müsəlmanların bayqotuna giriftar eləməsin. Özgə yerlərin bayqotu hələ ötüşər, amma bu İrəvan, Naxçıvan və xüsusən Ordubadın bayqotu lap adamın evini yıxır. Bu hamıya mə’lumdur ki, cəmi qəzetləri saxlayan şəhərlər içində ancaq İrəvan, Naxçıvan və Ordubaddır. Bu üç şəhərə o qədər qəzet və jurnal gəlir ki, hələ poçtdan savayı dəmir yol ilə qəzetlər tay-tay ilə göndərilir. İndi gəl ki, xudanəkərdə bu üç şəhərin biri, məsələn bir qəzet ya jurnalı bayqot elədi!.. Dəxi o qəzetin evi yıxıldı. Gərək dinməz-söyləməz qəzetini bağlasın. Məsələn, bir neçə il bundan irəli ordubadlılar «Molla Nəsrəddin»i bayqot elədilər. Bayqotdan qabaq Ordubada üç nəfər adama jurnal gedirdi. Amma di gəl ki, Ordubaddan səkkiz yüz nəfər adam xəbər verdilər ki, dəxi «Molla Nəsrəddin»i almayacaqlar. İndi gör bizə nə qədər zərər dəydi. Ordubadda bayqotdan qabaq üç abunəmiz var idi. Amma bayqotdan sonra dörd abunəmiz qaldı. İndi də eşidirik ki, irəvanlılar bir qəzetdən küsüb bayqot eləyirlər. Söz yox ki, haman qəzetin evi dağıldı. Hərçənd o qəzetdən İrəvana qabaqca dörd dənə gəlirdi, amma indi dörd yüz nəfər adam bayqotnamə qayırıb e’lan ediblər ki, «dəxi biz o qəzeti almayacağıq». Vallah kişinin evi yıxıldı. Söz yox gərək idarəni bağlaya. * * * Şəriət istəriz Osmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir. «Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış. Axırda da ki, «Şəriət istəriz» adlı firqəyə daxil olub başlayıb çığırıb-bağırmağa ki, «hürriyyət və idareyi-məşrutə şəriətə xilafdır». Belə də gərək olsun və özgə cür ola bilməzdi. * * * Çarə Çarə, çarə, aman günüdür, bir çarə, İranın pulsuzluğuna bir çarə! Cavab: Qadanı alım, niyə ürəyini sıxırsan ki? Bu nə bir çətin şeydir ki? İranda hər nə qədər dəmir mə’dəni var, tez işə salıb işlətsinlər ki, məhərrəmlikdə zəncir vuranların zəncir dəmiri xaricdən gəlməsin və Həştərxanda «Müzəffəriyyə» məktəbində uşaqlara zəncir vurmaq tə’limini verəndə rusların çurdar zəncirini almağa məcbur olmasınlar. Çarə, çarə, çarə, aman günüdür, bir çarə. Mən nə edim ki, məsciddə ya əncüməndə nitq söyləyəndə sözümün tə’siri olsun? Aman günüdür, mənə bir çarə! Cavab: Başına dolanım, heç darıxma, bundan asan bir iş yoxdur. Lazımdır ki, tumanbağın elə uzun olsun ki, Təbrizdə Şeyx Səlim kimi əncümənə ya məscidə daxil olanda tumanbağın səndən qabaq atılıb düşsün. O və’də sən olarsan məşhur vaiz. Çarə, çarə, a Molla əmi! Aman günüdür mənə bir çarə. İstəyirəm Bakıda məni şəhər idarəsinə üzv seçsinlər. Nə çarə edim ki, mən də seçilim? Aman günüdür mənə bir çarə. Cavab: O gözlərinə Molla əmin qurban olsun, niyə qüssə eləyirsən. Bundan asan ki, bir iş yoxdur. Bunun çarəsi budur ki, cibində pulun olsun, lakin peysərinin gönü nə qədər qalın olur olsun, genə səni seçəcəklər. Çarə, çarə, ay Molla əmi, bə mən çarəyi, bə mən çarəyi, ax, dad, fəryad, mən nə çarə edim ki, Tehranda Nəyibüssəltənə olum? Aman günüdür, ay Molla dayı, mənə bir çarə! Cavab: Əzizim, nahaq yerə təşviş edirsən, mən sənə bir yol göstərim, əgər fayda verməsə, Aşqabad «müqəddəs»lərinin vəbalı İravan müqəddəslərinin boynuna olsun. Bunun çarəsi budur ki, əcnəbi səfarətxanalarına bir şipyonluq yolu aç və biçarə vətənin sirlərini apar ver düşmənlərə, bundan yaxşı vasitə mən tapa bilmirəm. * * * Dərd Vallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb: «Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb. Bəli, keçək mətləbə. Onu demək istəyirdim ki, sözünü saxlayıb deməyən namərddir. Qorxunu mülahizə edib dərdi içəridə saxlamaq müsəlman arvadının sifətidir. Dərdməndi ki, konəd dərdi-nəhan pişi-təbib Dərd-ubbisəbəbi qabili-dərman nəşəvəd. Sözüm budur ki, Osmanlıya və İrana məşrutə veriləndən bu yana İstambulda və Tehranda müsəlman övrətləri yavaş-yavaş başlayıblar başlarını çuvaldan eşiyə çıxardıb ətrafa tamaşa eləməyə. Bunların bir parası əlsiz-ayaqsız bacılarına kömək eləmək fikrinə düşüblər ki, onların aclarına çörək paylasınlar, dərssizlərini dərsə qoysunlar. Hətta Tehranda bacılarımız bir yerə cəm’ olub İranın borc məsələsinə qarışıblar və öz var-yoxlarını vətən yolunda fəda etməyə razı olublar. Bəli, işlər öz yolu ilə gedirdi və heç danışıq-manışıq yox idi. Çünki çuval öz yerində durmuşdu, bacılarımız ancaq çuvaldan başlarını çıxardıb bu işlərə məşğul olurdular. Yoxsa əgər xudanəkərdə bunların birisi cür’ət edib çuvaldan çölə çıxaydı, İstambulda da olsaydı, daşqalax edərdilər. Zarafat eləmə, qardaş, buna müsəlmançılıq deyərlər. Odur, Xivədə bir oğlan bir qıza aşiq olmaq ilə hər ikisini dar ağacından asıblar. Axırda Kəsmai gəldi çıxdı Tehrana və Sərdar Mənsurun və Muəzissultanın pulu ilə başladı «Vəqt» qəzetəsini çıxartmağa və haman qəzetənin 21-ci nömrəsində Molla Mə’sum kimi başladı camaata nəsihət eləməyə ki, bundan sonra çuvaldan başlarını çıxardan övrətlərin başından vurub dubara çuvala soxsunlar. İndi haman Kəsmai deyir ki: Rəftə rəft əmma bəray bə’d qəmxari konid! Yə’ni, hərçənd övrətlərimiz bir qədər atılıb düşüb bizi mö’minlər içində biabru elədilər, əmma bundan sonra dəxi onlara fürsət verməyin! Aman günüdür, verməyin!.. Kəsmai, Kilanda bir kənddir. Bir vaxt hansı bir İran zalımı gəlib bu kəndi talan eyləsin, biçarə rəiyyət yalvarıb ki, «Sən allah bari uşaqlarımızın başını kəsmə». Kəndin adı o və’dədən qalıb Kəsmai. Amma mən elə qanıram ki, burada açıq zad yoxdur. Biçarə belə başa düşür. * * * Yeni bir qit’ə, yaxud supalar çölü Avropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş. Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış. * * * Açığnan Töhfətül-məcalis kitabında yazılıb ki, ziyarətə getmək insanın özü ilə deyil, qismət ilədir. Yə’ni kimə qismətdir, imam onu çağıracaq, kimə qismət deyil, canı çıxsa da ziyarətə çata bilməyəcəkdir. Kitab sahibindən təvəqqe edirik ki, bizi bağışlasın, bir az səhvi var. Ziyarətə getməyin bir üsulu vardır ki, ibarət olsun «açığnan» getməkdən. Bunu mən yaxın vaxtlarda bilmişəm, əhvalat bu qərarilədir: «Qurtqapan» kəndində bir allah bəndəsi var, adı Məşədi Abdulladır. Həmin Məşədi Abdulla bir kasıb adamdır, sənəti də kərpic kəsməkdir. Qışda mənə bir neçə min kərpic lazım oldu, Məşədi Abdullaynan danışdıq ki, bayramdan on gün gedəndən sonra gəlsin bizim həyətdə kərpic kəssin. Sonra eşitdim ki, Məşədi Abdulla gedib Məşhəd ziyarətinə. Bu günlərdə dedilər ki, Məşədi Abdulla ziyarətdən qayıdıb. Adam göndərdim ki, ustanı çağırsınlar gəlib kərpici kəssin. Göndərilən adam cavab gətirdi ki, Məşədi Abdulla genə gedib Məşhədə ziyarətə. Mən inanmadım, çünki bu rəhmətliyin oğlu axı ziyarətdən təzə gəlmişdi. Mən özüm getdim ki, görüm nə işdir və Məşədi Abdullanın qardaşı Məşədi Rəmazana rast gəldim və işin həqiqətini öyrəndim. Mə’lum oldu ki, Məşədi Abdulla bu dəfə məhz açığnan ziyarətə gedib. Səbəb də bu olub ki, ziyarətdən qayıdıb gələndən sonra, Məşədi kəmə’tiqad müəllim Mirzə Cəlilə rast gəlib. Mirzə başlayıb Məşədi Abdullanı məzəmmət eyləməyə ki, sən nə eyləyirdin məşədi ola-ola ziyarətə getməyi və kasıb adam ola-ola, evladının və əyalının ruzusunu İran tamojnalarına səpirdin»? Qoçum Məşədi Abdulla bu məzəmmətin qabağında müəllim Mirzə Cəlilə cavab verib ki; sən ki, belə deyirsən, mən də açığnan genə gedəcəyəm ziyarətə. Dedi də, üç gündən sonra getdi də. * * * Gözüm aydın! 20-ci ildə İran parlamanının açılması. İranda güşad oldu parlaman, gözüm aydın! Şad oldu yenə millətı-İran, gözüm aydın! Təşrif aparır mərkəzə üç yüz nəfər əlqab, Qalın döşək üstündə çökür sahibi-adab, Söhbət evini sazladı xan, bəy, ağa, ərbab, Aldı əlinə fürsəti bəy, xan, gözüm aydın! Düşdü işə avazeyi-qəlyan, gözüm aydın! Adab ilə məclisdə çökür məs’ələdanlar, Başın sökəmiş masaya qarnı yekə xanlar, Hərdən gəyirir qurbağatək fildəhanlar, Tapmışla maaş almağa ünvan, gözüm aydın! Açmış hacılar bir yekə dükkan, gözüm aydın! Mənzuru var əlbət, bura gəlmiş həzəratın, Bişübhə, hüququn verəcək əhli-dəhatın, Hər fərdi beş-on kəndə ağa bu həşəratın, İstər yenə də sormağa bir qan, gözüm aydın! Əvvəl nə idi, eylədir əl’an, gözüm aydın! Nitq eyləməyə başladı iranlı dadaşlar, Qurdu tələsin xalqa parlamançı dadaşlar, Söz makinasın sazladı hədyançı dadaşlar, Başlandı keçənlərdəki hədyan, gözüm aydın! Şad oldu yenə millətı-İran, gözüm aydın! * * * Edərəm Seçki vaxtı bütün təyyarələr mitinglərə intibahnamə tökmək və natiqlər göndərmək üçün Lloyd Corcun ixtiyarına verilmişdi. Qoca kərkəs kimi təyyarədə pərvaz edərəm, Zurnamı harda miting olsa düşüb saz edərəm! Çəkərik ortaya hər seçkidə dilxahımızı, Yığarıq başımıza hər gecə həmrahımızı, Min fırıldaqla gərək şad edək allahımızı, Harda olsa ona bir mənqəbə avaz edərəm! Cəbr, təhdid, başaldatma bizə adət olub, Xalq başdan-başa təbliğimizdə alət olub, Bizdə seçki və parlaman quru rəsmiyyət olub, Bu da gər olmasa min fitnələr ibraz edərəm! Topla işğal edilən qul, kölə, müstəmləkələr, Əlimizdə cücətək alət olub sinfi-bəşər, Ayaq altında qalıb işçi, bütün can çəkişər, Mən isə ruhuna min fatihə pərdaz edərəm! Seçilən biz, hamı yerlərdə seçənlər də bizik, Dinü məsləkdən həqiqətdə keçənlər də bizik, Acların qanını şərbəttək içənlər də bizik, Xuni-məzlum ilə balidələnib naz edərəm! * * * Birik Lloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir. Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik, Hamımız cib kəsirik, hiylə, xəyanətdə birik! Hamımız qan içərik, can basarıq mənfəətə, Ağalıq eylərik hər on lotu bir məmləkətə, Salmışıq burda başından yekə bir... səbətə, Hamımız əlbir idik, qətldə, qarətdə birik! Onda ki, biz girişirdik yeni hərb eyləməyə, Sən də qatil kəsilib Qərbə buyurdun köməyə, Yığışıb odlamışıq Qərbi, nə hacət deməyə, Hamı məfkurədə, məsləkdə, siyasətdə birik! Dağılıb Qərb, yanıb-partladı, bitdi məsələ, Gəldi ondan dəxi qəlbindəki mənzurin ələ, Bax, yanır Qərb, yetiş yardıma, göstər əcələ, Xalqı yandırmaq üçün zülm-şərarətdə birik! Xaçpərəstik hamımız, həzrəti-Məryəm nənəmiz, Hamının xaliqi İsa, bir imiş ən’ənəmiz, Bir zibildəndi bütün adətimiz, əlsənəmiz, İsəviyyətdə, şəriətdə, ədalətdə birik! Qərbi qırxmağlığa Milran götürüb ülküçünü, İtirib nemsə tamamilə kələfin ucunu, Məryəm oğlanları burda elə vurmuş gücünü, Onu söndürməyə, bişübhə, cəsarətdə birik! * * * Əlbəttə ki! Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir. Aləmi-insanı abad eylədik, əlbəttə ki! Xalqı zillətlərdən azad eylədik, əlbəttə ki! Hərbə girdik, heç tərəfdən torpaq işğal etmədik, Xalqın əmlakın alıb özümüzə mal etmədik; Biz qızıl cəm eyləməkdə zərrə ehmal etmədik; Binəva məxluqa hər zad eylədik, əlbəttə ki! Elə atəş yaxdı dünyalarda Vilson həzrəti, Təzcə tə’sir etdi on dörd maddənin xasiyyəti. İndi də hala ağızlarda qalıbdır ləzzəti, Yaxşı iş dünyada icad eylədik, əlbəttə ki! Qərbdə cəm oldu axırda beş-altı canavər, Doğdular «Cəmiyyəti-əqvam» tək bir xirəsər, Xırdaca millətləri soydu soğan tək müxtəsər. Hər kəsi qədrincə biz şad eylədik, əlbəttə ki! İstəyir alman dirilsin, payidar olsun yenə, Borcunu versin qurtarsın, bərqərar olsun yenə, Müştərək talana düşsün, tarmar olsun yenə, Hər nə ki, lazımdır, icad eylədik, əlbəttə ki! * * * Edərik biz İnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir. Qırx min kərə bir nəğməni izhar edərik biz, Hamsında kral namını təkrar edərik biz! Hər yerdə ki əfsanəmizin birdi məalı, Hər nitqdə tə’rif edərik şanlı kralı, Hər yerdə qəbul eyləmişik vizrü vəbalı, Millətləri zəncirə giriftar edərik biz! Hər nə ki, deyilmişdi bizə keçdi həyata, Hər söz ki, edilmişdi vəsiyyət həzərata, Satdıq yenə millətləri dörd-beş həşərata, Min şə’bədə verdik işə, iqrar edirik biz! Bir alətik, alətliyə həm etmişik adət, Əl çəkmərik aləmdə əgər qopsa qiyamət, Bizdəndi, əgər çəksə cahan hər nə rəzalət, İnsanları yatmağlığa icbar edərik biz! Müstəmləkələr bizlərə olmuşla sənahan, Büd’ətlərimizdən sevinir aləmi-insan, Əlvata məkandır yenə də tazə parlaman, Məxluqu soyub, cibləri bərkar edərik biz! * * * Varımızdır! Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur. Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır, Hər əhdimizə sidq ilə peyman varımızdır! Hər kəs nə yazır, qoy yaza, azadədir əlbət. Azadəlik e’lan eləmiş millətə sərvət, Hər kəs ürəyində bizə gər bəsləsə nifrət, Heç söz demərik, bir qara zindan varımızdır! Hər bir işimiz böyləcə bir göz boyamaqdır. Kağızdadır hər məs’ələ məqsəd ulamaqdır. Hər kəs danışa həbs eləmək, noxtalamaqdır. Kəhvarənişin olsa da, divan varımızdır. Hürriyyəti məxluq eliyir əksinə mə’na, Tərsinə zühur eləmiş əlbət bu müəmma, Azadə bizi vəsf edələr, dinmərik əsla, Hər kəs sata öz məsləkin, ehsan varımızdır! Hər kəs desə sərvətli əcəb sözdü cahanda. Sərvətlilərə səcdələr etmək bu zamanda, Güllə saçarıq bir belə kəs ağzın açanda, Əksincə onun qətlinə fərman varımızdır! Tə’rif edə bankirləri daim ədəbiyyat, İnşa edə hər arvadına bir neçə əbyat, Hürriyyətini etmiş olur böylə kəs isbat, Təqdirinə min lütfi-firavan varımızdır! * * * Əhli-şəriət İngiltərə tərəfdarlarından məşhur Seqətülislam Tehrana gəlib camaat tərəfindən təntənəli surətdə pişvaz olmuşdur. Seqətülislam inkilis tərəfdarlarının parlamana intixab olunmaq tərəfdarıdır. Hər rəngə girər istəsə gər əhli-şəriət Fikrində əgər olsa qoyar hər cürə bid’ət. Zahirdə böyük din gətirən alimi-dindar, Və’zində edən gündə beş-on xariqə izhar, Xasiyyəti xoş, nitqi gözəl, sevməli kirdar, Məfkurəsinin zahiri hər yerdə qənimət. Batində fəqət rə’şə saçan bir ulu şeytan, Əfkarı xəyanət, özü bir qatili-insan, Həp məl’ənətin mənşəi və’zindəki hədyan, Adabi riya, haləti təzvir, özü lə’nət, Əmmaməsinin hər teli bir fitnəyi-əyyam, Təhtülhənəkindən asılır aləmi-islam, Bu şə’bədədir milləti satmaqdan alır kam, Bir zillidir altında sızıldar bəşəriyyət. Hər və’də və ya altuna gizlicə satılmış, Feysəl kimi İranda da meydana atılmış. Bu tərzilə seçkilərə qabil su qatılmış, İştə bu bizim molla, bu da etdiyi xidmət- Əmmaməli Kerzon soyunub ortaya girmiş, Və’d etdiyini seçkidə itmamə yetirmiş, Alətləri bilcümlə parlamana keçirmiş. Əmmamə, əba qurdu genə doğru hökumət. * * * Oğlum! Qəzetələr Yaponiyada zəlzələdən zərərdidə onlara ianə toplamaq üçün xəbərlər yazdıqda dükançıların acığına gəlmişdir. Qalsın sənin yadında bircə vəsiyyət, oğlum! Jurnal, qəzet yalandır, etmə qiraət, oğlum! Hər nə yazarsa onlar bilmərrə iftiradır, Bunlar da xalqa bişək bir ayrı cür bəladır. Hər bir sütunu də’va, hər sətri macəradır, Bunlar qoyur təmamən dünyada bidə’t, oğlum, Hər yazdığı yalandır, yox bir həqiqət, oğlum! Yer tərpənib Yaponda guya keçən zamanlar, Burda ianə toplar bizdən qəzet yazanlar, Biz kim, Yapon kim, oğlan! Şaşmış bu yol azanlar. Hər gündə bir verirlər xalqa əziyyət, oğlum, Burdan ora edirlər xalqı himayət, oğlum! Hey istəyir ianə bunlarda yox mürüvvət, Söylər ki, ac qalıbdır yeksər məhali-türbət, Türbətli farsdı, mən türk, burdan ora nə rəhmət? Qoy məhv ola acından yersiz camaat, oğlum, Hər qədr yazsalar da, etmə ianət, oğlum! Hər yerdə bir fəlakət olsa tutalla matəm, Yardım yığalla bunlar hər şəhrdə dəmadəm, Guya ki, bunlar ilə qardaşdı cümlə aləm, Qarə geyəllə nerdə olsa müsibət, oğlum, Bərpa edərlə daim burda qiyamət, oğlum! Gər qurdalarsa burnun xəlvətdə bircə insan, Bunlar yarın əlüstü eylər qəzetdə e’lan, Qoymaz üç arvad alsın axırda da müsəlman. İstərlə badə getsin dini-şəriət, oğlum, Guya haram olubdur xalqa üç övrət, oğlum! Sözbazlıq olmuş artıq adətləri həmişə, Mollanı, dini, tənqid olmuş olarda peşə, Bax bircə köhnəlikdən qoymur cahanda rişə. Bəslərlə köhnələrlə daim ədavət, oğlum! Eylər qəzet yazanlar dinə xəyanət oğlum! * * * İstəməm Paris kino-teatrlarında Şura filmlərini göstərən vaxt «Yaşasın Lenin, yaşasın Şura hökuməti» kimi hissələri göstərdikdə dayandırmışlar. İstəməm qorxulu rüxsarını rə’yadə görüm. Nə adın lentada, şəklin nə sinamada görüm. Elə bir qorxulu ad kim gecə düşcək yadıma, Elə bil kim iki yüz fəhş verir hər zadıma, Quru bir adı da su bağlayacaq bünyadıma, Qorxuram doğrusu şəklin də tamaşada görüm, Nə adın lentada, şəklin nə sinamada görüm. Buna doktor da deyir baxma zərərdir gözünə, Heç olurmu pul alıb filmaçı söysün üzünə? Dəlisənmi yenə həngamə açırsan özünə? Nəyə lazım gedib əzraili filmadə görüm? Nə adın lentada, şəklin nə tamaşada görüm. Hər tərəf pullu, böyük zal dolusu bankir ola, Qoyarızmı orada hər cürə filma qoyula? Bir sözün kim toxunur sədəməsi sənduqə pula, Yaramır bir belə nadan işi dünyada görüm, Nə adın lentada, şəklin nə tamaşada görüm. Hər gələn filma ki, tə’rifləmədi göz-qaşımı, Bilmədi müftərizüttaə mübarək başımı, Elə bir filma ki, baxdıqca töküm göz yaşımı, Bir tamaşada ikən kəndimi dəryada görüm, Nə üçün pul verib əzraili filmadə görüm? * * * Qorxaram Londonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan) Qorxaram ən doğrusu bu tazə üsyandan bəri, Misir işində etdiyim hazırkı tufandan bəri. Misrdə, Sudanda açdım xalq üçün min şur-şər, Əlli ildir orda milyonlarca qan getmiş hədər, Quyruqumdan tutsun indi qorxuram millətçilər, Su’i-qəsd hazırlamışlar tökdüyüm qandan bəri, Misir işində etdiyim hazırkı tufandan bəri. Hər nə biclik eyləsəm də dözmüş hindistanlılar, Arif insanlardı səbr eylər yenə iranlılar, Son fırıldağı duyub duysun yenə əfqanlılar, Leyk təşviş eylərəm Misir ilə Sudandan bəri, Misir işində etdiyim hazırkı tufandan bəri. Bir mühitəm qanlar axmış sel kimi ummanıma, Doymamış qarnım bu qanlardan qəsəm «vicdanıma», İndi qəsd etmiş camaat bu «mübarək» qanıma, Misir işində satdığım biaru vicdandan bəri, Qorxarız ən doğrusu hazırkı üsyandan bəri. Etmişəm bir növ xidmət əsrdə hər millətə, Hər mükafatım ölümdür böylə ali xidmətə, Mən cəhənnəm, qorxuram qəsd olsun ülya həzrətə, Yatmaram asudə əzdirdiklərim candan bəri, Misir işində satdığım biaru vicdandan bəri. * * * Gəlirəm Əhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən) Millətimdən, vətənimdən nigaranəm, gəlirəm Yenə də calisi-evrəngi-Kəyanəm, gəlirəm. Atılıb düşməsinə baxmadım əhli-vətənin Müctəhidlər çalışıb yumdula xalqın dəhənin Yırtdı bir çoxları bica yerə öz pirəhənin, Yenə əvvəlki şahənşahi-zəmanəm, gəlirəm, Artıb əskilməmişəm, əski qabanəm, gəlirəm. Xalisizadə, Tədəyyün, yedi beş-on kötəyi, Kömək etdi mənə beş-altı parılman köpəyi, Yenə də yatdı vətən, açdılar yorğan döşəyi, Mənsə yatmışlara bir hökmü-rəvanəm, gəlirəm, Ulu bir məmləkətə şahi-cavanəm, gəlirəm. Nə qədər nəqd param var isə verdim maşına, Var-yoxum getdi bu rəqqasələrin göz qaşına, Pul aparmaqlığa gəldim vətənin gül başına Bütün iranlıya bu işdə əyanəm, gəlirəm Qurtaran xərcliyi bitab-təvanəm, gəlirəm. Buna şadəm təbəəm əksəri fars millətidir Bularin boş həvəs, boş mə’rəkə xasiyyətidir Köhnə məşrutə yetim millətin hürriyyətidir Fəqət ondan da bir az pürhəyəcanəm gəlirəm. Millətimdən, vətənimdən nigaranəm gəlirəm. * * * Balaca felyeton İnkilislər verdikləri sərbəstlik və’dələrinə Hicazda, Fələstində əməl etmədikləri üçün Hicaz kralı Hüseyn müğavilənaməni imza etməmişdir. Sən öylə zən edirdin doğrudan da bir xilafətsən Kralsan, möhtəşəmsən, şahsan, əhli-şərafətsən. Ərəbdən sən kimi on dörd hökumət qılmışam bərpa Bütün alətlərimsiz boş, quru, xülyaya aldanma: Özün də, Feysəlin də arsızdır, açma dil bica Şərifi-Məkkəlikdən, arü-qeyrətdən xəcalətsən Sən isə zən edərdin doğrudan da bir xilafətsən. Şişərdi qoltuğun öylə bilərdin qurmusan dövlət Deyərdin ki, sənə təmkin edib bu baş çəkən millət Fəqət bir boş əməldir bu cəhətdə qıldığın niyyət Əbəs bu baş-gözlə, ay qoduq, bəndi-riyasətsən Sən öylə zənn qılma doğrudan da bir xilafətsən. Varındır təxtü tacın bu yetər artıq nə heyvanlıq? Sənə sərbəstliki kim verdi söylə nə qudurqanlıq Fələstin nerdə, sən nerdə, ay axmaq bu nə şeytanlıq Qoçalmış bir köpəksən bəlkə bir parça həmaqətsən Sən öylə zənn edirdin doğrudan da bir xilafətsən. Köpəktək ağnama daş kölgəsində, olma çox məğrur, Özün qol qoymasan da eybi yox mən eylərəm məcbur, Bu ancaq hiyləyi-şəriyyədir, imza deyil mənzur Satılmış bir köpəksən, çünki imzasız da alətsən Sən öylə zənn qılma doğrudan da bir xilafətsən. * * * Balaca felyeton Fransanın mürtəce dairələrinin naşiri-əfkarı «Libertə» qəzeti yazır ki: Lenin yollarına sədd çəkməkdən ötrü Parisdə olan əlli min Nikolay zabitinə istinad edə bilərik. Tənbəlin şəhrdə miqdarı çatır əlli minə Hamısı satmağa vicdanını qoymuş cibinə. İrtica verməyəcək ölsə də bu sülhə riza Qoymarız sülh ilə əlbət ki, zəhərlənsin hava Əlli min zabitə artıq nə deyək biz əcəba? Hamısı zərbə üçün hazır olub sülh işinə Hamısı satmağa vicdanını qoymuş cibinə. Əlli min fahişə boynunda kəfən, əldə silah Neçə il bircə qarın əkməyə olmuşla nikah. İrticaya bu kimi zərbəti kim qıldı mübah Buna kim razı olar balta vurulsun dibinə? Hamısı satmağa vicdanını qoymuş cibinə. Çalışıb almış ikən hər biri beş-on qara pul, İrticaya sığınıb çəkdi köpəktək qaraul Hara Hürməkliyə göndərdin hürüb qıldı qəbul Heç yararmı qonağın böylə tüpürmək rişinə? Qoymayaq gündə beş altı sümük alsın dişinə? Sığınıb kölgəmizə harda ki, var bir xuliqan Özünə bildi Paris şəhrini bir darüləman Harda xain, harada varsa böyük ölkə satan Burada müştəri tapmışdı bütün keçmişinə Hamısı əsrdə bir əngəl idi sülh işinə. * * * İranlılar İranda istəyirlər ki, Əhməd şahın iki yaşındakı oğluna tac qoysunlar. Ortaya atmış qəribə bir şüar iranlılar İstər olsun mütləqiyyət bərqərar, iranlılar. Xəl olan gündən bəri İranda şahi-rusiyah Qalmadı Tehranda boş əlhəmdülillah barikah Axtarıb kəhvarədə tapmışla bir qundaqlı şah Eyləyir kəhvarəsində tacdar iranlılar, İstər olsun tazədən bir bəxtiyar iranlılar. Ciblərin hazırlasın hübbülvətən kabinələr Həzrəti-qundağa nənni tərpədən kabinələr. Körpə şahənşah üçün laylay çəkən kabinələr. Eyləsin bir köhnə İran payıdar iranlılar Tazədən satsın hüququn aşkar iranlılar Sazlasınlar həzrəti-qundağa bir ali saray Onca milyon xalqa bir dilsiz çocuq fərmanrəvay Çıxmasın bir ləhzə İran kölüsündən ahu vay Etməsin hər zülm olursa ahu zar iranlılar Lal otursun, dinməsin biixtiyar iranlılar. İnqilab etsin, tərəqqi başlasın həmsayələr İmtiyaz alsınla İranda böyük sərmayələr Körpə şahı qoy əmizdirsin qucaqda dayələr. Kəndisinə qoy yenə qazsın məzar iranlılar Xabə getməklə qazansın ixtiyar iranlılar. * * * Mən İngiltərə İran hökumətinə nota verib Şeyx Xəzayilin İngiltərə himayəsində olduğunu bildirmişdir. Soxmuşam burnumu çoxdan Ərəbistanına mən Atılıb-düşmə, oğul, varisəm İranına mən. İstəmişdin çıxasan bir gün əzəl Misrə kömək Sənə bu rüxsəti kim verdi, bu cürət nə demək? Açaram başına ondan da fəna bircə kələk Taparaq bir yeni batsil qataram qanına mən Əkərəm xəstəliyin toxmunu İranına mən. Misr xalqında həmiyyət var idi qıldı qiyam Bu həmiyyət hanı sizdə, ay avam oğlu avam! Nəqdini, nisyəni həzm eyləmişəm indi tamam Tikmişəm indi də göz parəli yorğanına mən Tamahım var yenə əynindəki tumanına mən. O zamandan ki, keçib çənkimizə nefti-Cənub O zamandan bəri ərvahına yasin oxunub Ərəbistan nədi, Tehran belə öz malım olub Ağajam mollana, bəy xanına, ə’yanına mən, Əkərəm xəstəliyin toxmunu İranına mən. * * * Balaca felyeton Məşhur Amerika milyardçısı Sinqleri Albanya məmləkətinə kral tə’yin etmək istəyirlər. Tapmamışıq sən kimi bir əhli-hal, Aç, yalavac Albana olsun kral. İndi ki, çıxmış yeni müstəmləkə, Ar eləmə sən də apar bir tikə Bir də belə salsalar çəkha çəkə Varlığa qalmaz daha bir ehtimal Biz bitəriz, bərhəm olar qeylü qal. Çarə taparsan satılan millətə Xalqı alarsan çox ucuz qiymətə İndi ki, ölkə satılır sərvətə Durma, yubanma, nə qədər var məcal Qismət olur ölkə, qopub qeylü qal. Serb aparır ölkədən öz hissəsin Rim lotusu hazır edib çənkəsin. Bizdə yəqinən payı var hər kəsin Bizdən ötür saziş olur dal badal Biz baxarız xalq eliyir qeylü qal Bir bağa bənzər bu açıq məmləkət Meyvəsin hər kəs daşıyar bir səbət Bəlkə də bu qarətə var bir cəhət Küçlüdən aciz edəməz bir sual Çünkü çıxar onda böyük qeylü qal. * * * Edərəm Parisdə olan Əhməd şah İranın dəmir yol çəkmək istədiyi cavahirləri satıb eyşü işrət edir, qumara uduzur. Şah babamtək gəzərəm aləmi, cövlan edərəm Gündə qırx-əlli qadın vəslimə mehman edərəm. Millət istərdi dəmir yol çəkələr məmləkətə Satalar daş-qaşı, sərf eyləyələr bu cəhətə Kəf gedib onlara mən, var-yoxu saldım səbətə, Sataraq burdakı arvadlara ehsan edərəm Gündə qırx-əlli fəqir övrəti mehman edərəm. Çəkərəm burda dəmir yol nə qədər olsa yaşım, Nə qədər var kafe-şantan yığışır daşu-qaşım, O qədər siğə düşüb üstümə lap çaşdı başım Olduğum mənzilimi burda Xorasan edərəm, Gündə qırx-əlli qadın vəslimə mehman edərəm. Bütün arvadlara sahib çıxaram, var hünərim, Məni hər işdə müvəffəq çıxarır son səfərim, Sinələrdə dolaşır doğrusu bu tac-sərim, Harda yatsam oranı döndərib İran edərəm, Orda qırx-əlli qadın vəslimə mehman edərəm. Şef seçiblər məni var harda bir əxlaqı təmiz Qumara saldıla şah həzrətini bihəmə çiz Vətənimdən də gözəl zatımı bəsləllə əziz Özümə mən buranı doğrusu Tehran edərəm Gündə qırx-əlli qadın vəslimə mehman edərəm. * * * Edər Roma papası Müttəfiq Şuralar cümhuriyyətləri ilə Romanya arasındakı ixtilafın sülh ilə həll olunması üçün kilsələrdə dua olunmasına əmr eləmişdir. Bir tərəf ali kral Milrandan istimdad edər, Məmləkət ilhaq üçün antantalar icad edər. Bir tərəfdə pop yapışmışdır kəlisa zənkinə Güc verir popluq kəlisada, duada, ənkinə Mərhəba olsun diri peyğəmbərin son rənginə İndi də ayini-ruhani qurub bünyad edər Diplomatlardan küsüb allahdan istimdad edər. Başlasa bişək kəlisada manaxlar zümzümə Eşqin izhar eyləsə xəlvət cənabi Məryəmə Göydə İsaya yetişsə şübhəsiz bu həmhəmə Rəhm edib insanları qan tökmədən azad edər Sülh bərpasında hər cür çarələr icad edər. Allah olsun vasitə, bitsin gərək bu məsələ Diplomatlardan nəcat olmaz daha bundan belə Versə ilhaqa riza ruslar bitər bu məşğələ E’tiqad etməklə allaha böyük bir ad edər Mülkünü verməklə kəndisin dəxi azad edər. Bilsə ki, şuralı dövlətlər edir poplar dua Etməz öz mülkün ruminlərdən yəqin kim iddia Çünkü var şuradə dinə ən böyük bir «e’tina» Gündə allahı, kəlisanı, sevib dəryad edər Hər nə iş düşsə fəqət Məryəmdən istimdad edər. * * * Həzrəti-çar Böyük knyaz Kiril tə’idlə demişdir ki: yaxınlarda Rusiyaya gedib orada çarlığı bərpa eyləyəcəkdir. Neçə ildir ki, köçüb axirətə «həzrət» çar Yenə xaricdə Kiriltək yekə bir aləti var. Eylə məstəm ki, canandan xəbərim yoxdu mənim Yenə zənnimcə həman əski vətəndir vətənim. Hələ mən indiyətək qanmamışam müxtəsəri Oxudub hər işə hazırladılar fəhlələri Yoxdu bəski yeni dünya gedişindən xəbərim Bilmədim mən yox imiş orda köpəkçə dəyərim. Pəs dedim indi də hazırca otaq, yağlı taam Müftə şahanə sarayımda qadın, müftə hamam, Yeddi il müddəti qürbətdə sıxılmışdı canım Bəs deyərdim orada var yenə şahzadə xanım. İstədim ətrlə çimdirməyə nazik bədəni Maskaradlarda deyərdim yenə bəklətmə məni Fikr edərdim yenə var ordakı bal, ordakı zal Anlamazdım daha yox hərzəliyə orda məcal Əskidən qalma, çürük nəğməyi daim çalıram Özkə aldanmasa da mən özümü aldadıram. * * * İran seçkisi İran parlamanına nümayəndə intixab eləmək bir ildir, fəqət yenə tamam olmamışdır. (İran qəzetlərindən) Bir il oldu bitmədi hala ki, İran seçkisi, Bir ticarət şəklin almışdır parlaman seçkisi. Eyləmiş hər yer təmamən öz zükurun namizəd Mollalar cənnətdəki qilmanü hurin namizəd Etmiş ə’yanlar bütün əhli-quburun namizəd Müctəhidlər intixabatı müsəlman seçkisi Qeydkeşlər məclisi-millisi, iman seçkisi. Seçmək olmur onca milyon xalqdan üç yüz nəfər Hər kəs istər məclisi-millidə olsun müxtəsər Öz səsin altı qran dinarə satsa rəncbər Bəlkə tezlikdə yetə əncamə bəy, xan seçkisi Bir neçə ildən sonra bitsin parlaman seçkisi. Himmət etmişdir təmamən məmləkət ə’yanları İntixab etmişlə molla, mülkədar, bəy, xanları Hər biri bir səmtə bağlı məmləkət dehqanları Yaxşı bir yarmarka olmuşdur, o saman seçkisi Aləti-kəsbi-məişətdir parlaman seçkisi. Bir ticarətkah olubdur məmləkət başdan-başa Kimdə vicdan varsa satmış bir piyalə bozbaşa Pul alır millət, satır öz varlığın bir tək daşa İştə İranda budur ərbabi-vicdan seçkisi Bir ticarət şəklin almışdır parlaman seçkisi. * * * Satılsa İran hökuməti tacın üstündəki cavahirləri satıb dəmir yol çəkmək istəyir. Bitməz işimiz büsbütün İran da satılsa, Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. Gəlməz qara beş-on paralıq daneyi-əlmas Bir taci-Kəyan, bir daha bunlar kimi əcnas Gər tac Kəyan açmasa göz, olmasa cəssas İran çıxamaz sahilə əmman da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa, Tacilə satılmazsa əgər tac geyənlər Azad olamaz onlara allah deyənlər Orda çölə düşməzsə əgər müftə yeyənlər Bir iş görəməz məmləkət hər yan da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. Bərbad olan İran ilə bir yardıma möhtac Yetməz onu islaha əvət boş quru bir tac Tac ilə tac altındakılar olmasa hərrac Abad olamaz Rey, Təbəristan da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. Tacın neçə yüz xırdası var dövrü bərində Şahın özü bir tac satır hər səfərində İş başdadır, yox mə’sələ tacın dəyərində Bu baş, bu bədən, bu qafa, bu can da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. * * * Balaca felyeton Vilson Amerika tərəfindən Türkiyəyə səfir tə’yin edilmişdir. Türklər əlhəq ki, minnətdardır siz həzrətə Çəkmisiz zəhmət, yetişmişiz biz azadiyyətə. Himməti-mərdanədən məşhurdur osmanlılar Siz verən hürriyyəti almış bütün balkanlılar Cümləmiz xoşbəxtiz ancaq bir qalıb iranlılar Az qalıb onlar da çatsın neftdən hürriyyətə Şərqlilər bəs ki, minnətdardır siz həzrətə Olmasaydı əmriniz girməzdilər İstanbula Türklərin yurdunda at çapmazdı yunan sağ-sola Bağlamazdı milləti antanta qultək qol-qola Verdin on dörd maddədən hürriyyət hər bir millətə Şərqlilər bəs ki, minnətdardır siz həzrətə. Məsələ mə’lum idi bizlərcə Çesterdən sora Gözlənirdi bir qonaq o şanlı misterdən sora İmtiyaz aldı beş-altı yağlı qır-qırdan sora Sən də bir cür inkilissən düşmüsən bu surətə Şərqlilər xeyli minnətdardır siz həzrətə Bir zaman bu ölkələr Vilhelmə çövlankah idi Bir zaman da ingilislər burda bir allah idi Məmləkət işğal olunmuş hər gələn bir şah idi İndi heç kəs qalmamışdır sən giribsən xəlvətə İndi də növbət yetişmişdir siz «ali» həzrətə. * * * Şahın rəqqasəsi Londonda məşhur bir rəqs müəlliməsi aşağıdakı elanı vermişdir: Əlahəzrət İran şahının rəqqasəsi filan oteldə rəqqasəlik dərsi verir. (İran qəzetlərindən) Olmuşam rəqqasəsi bir çox il İran şahının Sevməli hurisiyəm mən Şərq zillullahının. Öylə məftun etmişəm rəqsimdə ə’lahəzrəti Örkənibdir zati-şahanə bu qabil sənəti Təxtü tacından böyük rəqsində qılmış şöhrəti Məqsədi cənkinəlikdir məmləkət xoşhahının Sevməli hurisiyəm mən Şərq zillullahının. Kürsün ikmal etmiş İran şahı vermiş imtəhan Az qalıbdır rəqsə gəlsin zövqdən taci-Kəyan İstəyir yeksər baletmeystr kəsilsin xanədan Üstünə şantan yazılsın səltənət dərkahının Məqsədi cənkinəlikdir məmləkət xoşhahının. Oynayıb oynatmadan həzrətdə yoxdur bir məcal Qibleyi-aləm əta eylərdi hər gün bir medal Doldurardı mənzilə varsa nə qədri əhli-hal Şüğlü arvadbazlıq olmuşdur vətən kumrahının Məqsədi cənkinəlikdir Şərq zillullahının. Ol qədər göstərmişəm zati-hümayunə ədəb Almışam axırda bir «rəqqasəyi-xəlvət» ləqəb Yoxsa İranda ləqəb həp böylədir yaliləcəb, Kəndisi həm böylə bir şeydir Əcəm cəm cahanın, Kəndisi rəqqasədir təbə’n də İran şahının. * * * Qalıb Əhməd şah xəl olunandan sonra istəyir Tehrandakı əmlakını satsın. Satmışam hər yanı ancaq ləfzi-İranım qalıb. Bir dili’-pürşəhvətim, bir də yox imanım qalıb. İndi ki, təxti-hökumətdən salıb millət məni, İndi ki, xalqım hesab etmişlə biqeyrət məni Pullarım şantanda bitmişdir basıb heyrət məni Çirk qalstuk, köynəkimlə, boş cibişdanım qalıb, Bir tütünsüz narkiləm, bir sövti-qəlyanım qalıb. Qalmışam qürbətdə pulsuz çox məlalım var mənim Məmləkətdə bir bölük əhli-əyalım var mənim Həm də Tehranda bir az məxsusi malım var mənim Altı hamam ilə dörd-beş əski gülxanım qalıb. Dörd uçuq karvansaram, bir qədri dükkanım qalıb, Əlli-altımış fabrikim, hər yerdə dörd-beş mə’dənim, Cümlə tiryəkxanələrdə var böyük səhmim mənim, Böylə sərvətlə rəvamı qürbət olsun məskənim? Orda, Tehran ilə Şimran, burda şantanım qalıb. Orda İran, burda bir qəlbi-pərişanım qalıb. İşləyib öz zəhmətimlə bir neçə mülk almışam Öz atamdan qalma xərc ilə otaq saldırmışam Dövlətim orda, mən isə burda pulsuz qalmışam Bir silindir, bir əsa, bir köhnə yorğanım qalıb, Bir dili-pürşəhvətim, bir də yox imanım qalıb. * * * Üləma məmləkəti İranda dərəbəylik bid’əti olaraq kəndlilər: ağanın izni olmamış evlənə bilməzlərmiş. Ölkə əvvəldən olub bir üləma məmləkəti Dinçilər məskəni, əmmamə, əba məmləkəti. Qoymamış bircə qədəm, xalq şəriətdən uzaq Olmamışdır ağanın malı bütün arvad uşaq Görməmiş kəndlinin surəti hər gün şapalaq Etməmiş bir belə zülmü «nücəba» məmləkəti Ölkə əvvəldən olub bir üləma məmləkəti. Ağaya mal deyil kəndlinin qanı, əti Qızı, oğlu, hərəmi, müxtəsər hər bir cəhəti, Bir bu var ki, ağa verməzsə əgər məsləhəti Özünə arval alanmaz füqəra məmləkəti Ölkə əvvəldən olub bir üləma məmləkəti. Öz əyalilə gedib evdə mazaxlaşsa kişi Ağaya etməli mə’lum qabaqdan bu işi Ağanın qullarıdır kənddə ərkəklə dişi Din, şəriət yuvası, nohə, əza məmləkəti Molla, seyyid vətəni, sovmi-səla məmləkəti. Kişisi tövlədə nökər, qadın evdə qaravaş Ağadan gizli gedib bir kəs adaxlansa yavaş Kəbinin kəsmiyəcək ölkədə ağbaş, alabaş Edəcək borcunu ağbaşlar əda məmləkəti Ölkə əvvəldən olub bir üləma məmləkəti. * * * Şahi-İran İran şahı Birendə çay kanarında tamaşa etdiyi vaxt hammalın dalından düşən dəmirin səsini qurşun hesab edib yıxılmış, polislər hüşə gətirmişdir. («Sitareyi-İran» qəzeti). Etdi səfər dolansın işrətdə şahi-İran, Şişsin vücudu, olsun səhhətdə şahi-İran. Olmuşdu həzrət əz bəs bizar məmləkətdən Gəlmişdi tənkə canı biar məmləkətdən Söylərdi doymuşam lap murdar məmləkətdən Təkrar edərdi daim söhbətdə şahi-İran Şantan deyib gəzərdi həsrətdə şahi-İran. Axırda yığdı bircə xurcun gözü cavahir Bağdad yolundan oldu bir tövr ilə müsafir Satdı cavahir, aldı arvad bu varlı tacir Bir çox para qazandı... şahi-İran Vəxtin keçirdi daim işrətdə şahi-İran. Axırda getdi gəzsin beş-altı gün Birendə Düşdü başı qəzayə bu kafirin yerində Qurşun atıldı küya şahın bərabərində Az qaldı qətlə yetsin qürbətdə şahi-İran İranıq harə yaxsın firqətdə şahi-İran. Hürküb yıxıldı filfor əndamı tutdu heyrət Öylə xəyal qıldı bomba atıbdı millət. İran «terror»larından xof eyləyirdi həzrət Üz qoymamışdı zira millətdə şahi-İran Göstərdi çox cəsarət qürbətdə şahi-İran * * * İrana gələndə İranda Müşirüddövlə kabinəsinin yıxılması, Rzaxan diktaturasının məhkəmlənməsi səbəbilə şah yenə də Avropa səfərinə hazırlaşır. Gülməz bu üzüm doğrusu İrana gələndə, Ovqatım olur təlx bu viranə gələndə. Bizar oluram get-gedə viran vətənimdən Həp iyrənirəm bisərü saman vətənimdən Qəm-qüssə yağır hal-pərişan vətənimdən Bağrım yarılır külbəyi-ehzanə gələndə, Xovf eyləyirəm mən bu biyabanə gələndə. Etdim iki il eyş ilə qürbətdə siyahət Qərbin kefinə öyrənübən eylədim adət Dövran məni İrana yenə atdı nəhayət Yaxdım oda öz canımı Tehrana gələndə Rahat deyiləm Rey-Təbəristanə gələndə. Bir ayrı qiyafətdə gəzir orda adamlar Heyran qoyur insanı blandinka madamlar Yaxşı keyinib seyrə çıxanda bağa şamlar Doymazdı gözüm qarşıma yüz dənə gələndə. Qarşımda süzüb incə xuramanə gələndə. Tutmuş məni axır nə yapım burda kəsalət Zindan kəsilib başıma bu kirli vilayət Mən bir quru şahəm, təbəəm yolçu camaat Zəhləm gediyor millətim əfqanə gələndə Zülmi-sitəmimdən qırılıb canə gələndə. Qaçmağlığa burdan yox idi əldə bahanə Saz olmadı fikrimlə bu namərd zəmanə İndisə hökumət ki, keçibdir Rzaxanə Mən burda yoxam məsələ zindanə gələndə Zülmi-sitəmimdən vətən həycanə gələndə. Fikrimdə yenə ilçə yarım əzmi-səfərdir, Londonda siyahət bizə bir irsi-pədərdir, Tehran işi çox qorxuludur, ayrı təhərdir, İş növbəti Tehranda Rzaxanə gələndə Bağrım yarılır məsələ zindanə gələndə * * * Balaca felyeton Nəcəf şəhərindən Tehrana xəbər verirlər ki, burada bir nəfər molla qəribə bir makinə icad eyləmişdir. Makinəyə barmaq ilə hərəkət verəndə içindəki havaya qalxır. (İran qəzetlərindən) Ağalardan birisi dün gecə idrarə çıxıb Nakəhan makinədən bir yeni fəvvarə çıxıb. Gər Nəcəfdə hərəkət versən, atar Qəzvinə su Hər kəs istərsə alar Rəştdə Tehranda vüzu Elə alati-təharət çıxarıb sahibi-dun, Onu min il çalışa yadına salmaz Edison. İstəsə nərdə çimər, qüsl qılar əhli-vətən, Ağaya kəndərələr şərti budur vəchi-kədən. Dəclənin nəhrini bir andə Gilana tökər Admiral molla çıxardar yeni bir bəhri-Xəzər. Qoysa öz makinəsin sahili-Şəttül-Ərəbə, Qurdlu anbar suyu Təbrizdə içərmi tələbə? Nasos etməkliyə tapseydi ağa azca məcal Qoxumaz beş il hamamlarda qalan abi-qüsal. Məsələ bitmiş, edibdir ağa öz başına and Pulu bol olsa havadən çəkə hər şəhrə krand İmtəhan eyləmiş əmmaməlilər məsələni, İki min molla təharət tutub orda ələni. * * * Hindistanda vəba – Pəncab şəhərində əlli minə qədər insan vəba və taundan tələf olmuşsa da, ingilislər bir tədbir görmək istəməyir. Nə qədər öldürə hind əhlini taun, vəba, İnkilislərmi bunun qeydinə qalsın əcəba? Bacararsa, özü taun, vəba toxmun əkər, İnkilisləşmə üçün yerliyə min təhr çəkər, Ağanın canı sağ olsun, ölür-ölsün də nökər, Qaralar məhv olur-olsun, diridir ağ nücəba İnkilislərmi bunun qeydinə qalsın əcəba? Hind millətləri milçək kimi olmazsa tələf, Dirçəlib axır o da axtaracaq şə’nü şərəf, Böyüyür məqsədimiz məhv ola hər hansı tərəf, Şərq millətləri quldur bizə, ağ ya ki, qara, İnkilislərmi bunun qeydinə qalsın əcəba? Gündə bir xəstəlik hind əhlini məhv etməlidir, Elmisiz xalqdır əlbət ki, ölüb bitməlidir, Bu təriq ilə ağa rişəni bərkitməlidir, Qırarıq bunları tainki təmizlənsin hava, İnkilislərmi bunun qeydinə qalsın əcəba? Verərik məqbərə mümkünsə böyük bir hərəkət, Yerlilər bitsə görünməz daha asi hərəkət, Qəsdimiz məhv eləmək yerlini, yox ayrı cəhət, Bu ki, boş mə’sələdir daxi nə dərman, nə dəva? İnkilislərmi bunun qeydinə qalsın əcəba? * * * Yeni dövran Müttəfiq Şuralar cümhuriyyətlərini İngiltərə hökuməti təsdiq etdi. Buna görə də ağ qvardiyaçılarda həyəcan başlanmışdır. Eyvah ki, bimərhəmət olmuş yeni dövran Qürbətdə həyasız üzümüz gülmədi bir an. Xatircəm idik mö’cüz edər ruhi-Məsiha, Öldükdə Lenin bərhəm olar dövləti-Şura İşlər dəyişib, biz düşünən olmadı əmma, Rusiyyədə yox bir daha eşşəklərə meydan Eyvah ki, bimərhəmət olmuş yeni dövran. Yeddi sənədə çıxmadı bir yari-vəfadar, Aldatdı bu müddətdə bizi yüz dana biar, Ay ingilis, ay nakişi, axır bu nə rəftar? Eylər belə namərdliyi hansı bir insan, Eyvah ki, bimərhəmət olmuş yeni dövran. Bir çoxlarının nəf’i üçün olmuşuq alət Çəkdik quru xülyalər ilən çoxlu səfalət İngiltərə də qaçdı bizi qoydu xəcalət Qoymuş əli qoynunda bizi bisərü saman Eyvah ki, bimərhəmət olmuş yeni dövran. Axırda bizim qorxduğumuz oldu həqiqət Öz köhnə inadından üdul eylədi sərvət Kerzon gedəli qoymadılar bizlərə qiymət İşdən çıxalı doğrusu hörmətli komandan Qaldı atasız bir neçə min quli-biyaban. * * * Ehsan Parisdə məşhur bir köpək qəbristanı bina etmiş rus knyakinyası Labanova-Rastova öz köpəyi Lolonun məqbərəsini yapdırmaq üçün sərvətindən 100 min franq vəsiyyət eyləmişdir. Şahzadə xanım pək böyük ehsan eləmişdir Heyvanları ehsanına heyran eləmişdir. Şahanə saray üzrə edib şanlı sükunət İtlərlə, köpəklərlə tutub sevməli ülfət Tinətçə köpəklər də bilir bəs ki, məziyyət Kəndisitək onları da zişan eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. Knyaz «Lolo» olmuş xanımın lütfünə məzhər Asudə həyat üzrə müənnəslə müzəkkər Knyazları hörmətlə yapır itlərə məqbər Öz zövcinə bir məqbərə bünyan eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. Bir əkmək üçün can çəkişir aləmi-insan, Min ailə zillətlə, səfalətlə pərişan, Şahzadə xanım sərvətin etmiş itə ehsan, Kəndisini həmtinəti-heyvan eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. Bir nəsl ki, yalnız itə göstərsə səxavət Bu nəsl əgər məhv ola var kimdə qəbahət Bunlar «Lolo»lardır hamı təkrarə nə hacət Cüt qıçlı köpək dörd qıça iman eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. * * * Vardır Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir. Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır Peterburqda olandan hərzəlikdə şöhrətim vardır. Məişətsizlik etmiş öylə bir idrakımı təz’iq Köpəklərdən də alçaqlanmışam gər etsələr təhqiq Fəqət bu baş, bu gözlə etmərəm Şuraları təsdiq Ölən çardan sonra könlümdə çarlıq niyyətim vardır Peterburqda olandan hərzəlikdə şöhrətim vardır. Vətəndaşlar bütün bilmişdi bir kəlbi-üqurəm mən, Həyasızlıqda, vəhşilikdə daim biqusurəm mən, Tükün tökmüş köpəktək çilpağam, qürbətdə ürəm mən, Cibişdanım boşalmış, açmışam, çox üsrətim vardır Lüt oğraş, boş qumarbaztək qəribə halətim vardır. Palan qoşqun dağılmış olsa da şahzadəyəm hala Böyük şahzadəlik xülyasına dildadəyəm hala Gedib Rusiyyədə çar olmağa amadəyəm hala Əmoğlum korbakortək qəlbdə çox həsrətim vardır Cibişdanım boşalmış, açmışam çox, üsrətim vardır. Romana and ola gər qurmasam dünyada bir çarlıq Gərək təşkil edəm mən aləmi rö’yadə bir çarlıq Bu da olmazsa lazımdır quram xülyada bir çarlıq Utanmazlıq kimi bitməz, tükənməz dövlətim vardır Əmoğlumdan sora qəlbimdə «ali» niyyətim vardır. * * * Vəssəlam Kiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir. Dil bizim, söhbət böyük antantanındır, vəssəlam, Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam. Min kiçik antanta olsa, min də fəryad eyləsə Yüz belə boş konfrans hər yerdə icad eyləsə Lord Korzon, hər nə yazsa, hər nə inşad eyləsə, Kimsənin yox e’tirazı əmr anındır, vəssəlam Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam Biz qığılcımtək böyük atəşlə həmtinətləriz Əmrə tabe’, hökmə alət sahibi-«qeyrətlər»iz Hər işarət ondan ancaq biz quru söhbətləriz Məmləkət də, biz də, bir ayrı yanındır, vəssəlam Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam Söyləsə onlar əgər Rusiyyəyə hürməkliyə Hazırız hər günə zülmü bir rəva görməkliyə Qalmamışdır bizdə istiqlaliyyət artıq bir tikə Hər zad onların, bəçərmək bağbanındır, vəssəlam, Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam Məsləhət antantanındır mənfəət yaxud ziyan Çarəmiz yoxdur bizə hala odur «candan yanan» Gər yedirsə bizlərə heyvan kimi arpa-saman Əmr başdandır itaət heyvanındır, vəssəlam, Çünki heyvanlar tamamən-Milranındır, vəssəlam. * * * Balaca felyeton Vrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm. Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr Atılıb-düşmələrim vermədi axırda səmər. Bir səmər vermədi son üç sənəlik aldanışım Çıxmadı doğrusu dünyada həqiqi tanışım Aldanıb hürməyə məxsus ikən hər yaz-qışım Yemədim bir zibil axır əməyim getdi hədər Atılıb-düşmələrim vermədi bir günə səmər. Aldanırkən özümü vurmuş idim sadəliyə Qaçıb hər gündə soxardım başımı bir dəliyə İndi də hürmədəyəm burda nümayəndəliyə Qorxuram Qərbdə son hürməyim olsun bu səfər Atılıb-düşmələrim vermədi bir yaxşı səmər. O səfarət ki, verərdi mənə dusturüləməl Onu Şuraya verib bilmirəm hansı əli şəl Bunu kim işçi nümayəndəsinə qıldı məhəl Əlli min müftəxora vurdu bir imzası zərər Atılıb-düşmələrim vermədi bir günə səmər. Mən də axır yığaram başıma zabitlərimi Bu damın üstünə quşqurram hürən itlərimi Soyacaq işçi yəqindir ki, köpəktək dərimi Heç inanmazdım utanmaz fələkin çərxi dönər Atılıb-düşmələrim vermədi bir günə səmər. * * * Qalmadı Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir. Bu dağılmış məmləkətlərdə həyamız qalmadı Əhd-peyman saxlayan bir aşinamız qalmadı. Tək qoyub meydanda qaçdı bizləri bidərdlər İşçinin hakimliyin təsdiq edir namərdlər Ərşə çıxsın imdi ağlardan min ahi-sərdlər Dərd bidərmanə düşdük bir şəfamız qalmadı Bu dağılmış məmləkətlərdə həyamız qalmadı. Yeddi-səkkiz il təmam aldanmışıq əfsadına Düşməriz imdisə biar oğlunun bir yadına Ağların bu ac günündə çatmayır imdadına Gündə bir cür rəngə düşdük, macəramız qalmadı Bu dağılmış məmləkətlərdə həyamız qalmadı. İstəyir təsdiq edə Şuranı Mil’ran laəlac Böylə olduqda keçən alətlərə yox ehtiyac Bir sürü ağlar oruc tutsun, tamamən qalsın ac. Naümidiz ayrı bir yerdən ricamız qalmadı Bu dağılmış məmləkətlərdə həyamız qalmadı. Var-yoxu satdıq, inandıq bu sədaqətsizlərə Bir adam bildik, sığındıq, böylə qeyrətsizlərə Bir ufaq xərcə satılmışdıq bu himmətsizlərə Qovdu hər namərd, cayi-ilticamız qalmadı Heç tərəfdə, doğrusu ari-həyamız qalmadı. * * * Balaca felyeton Sosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən) Bir müctəhidəm varmışam hər işdə kamalə On beş sənədə yazmışam on cild risalə. Hər şiə bilər var bu risaləmdə nəfasət Hər səfhədə təhlil olunur qüslü təharət Hər sətrdə təfsir olunur şərhi-nəcasət Sahib kəsilir millətimiz fənni-məbalə Burnun tutar insanlar oxunduqda risalə. Yaşdan-qurudan hər nə desən var əsərimdə Minlərcə supa səcdə qılır xaki-dərimdə Almaq, boşamaq fikridir ancaq ki, sərimdə Şuğlum keçələr siğə, günüz fənni-qüsalə Hikmətlərimiz dərsi-həcəm, elmi-imalə. Bunlardan ibarətdi bizim pak şəriət Millətdə təharətlə qurulmuş mədəniyyət. İslamda daim ağadır sahibi-sərvət Bəy-xan sözü millətdə əgər düşsə zəvalə Vay onda əba, qurşağa, əmmaməyə, şalə. Kafirdi bütün sosialist, ya ki, demokrat Yazdıqları, etdikləri bir küfrdir isbat Bunlardan olur sərvətə, həm millətə afat Bunlar qudurub, rəxnə salır cah cəlalə Bunlardı deyən fatihə əmmaməyə, şalə! Bunlar bütün arvadları boş, özləri mürtədd Xan, bəylərə düşmən üzü boz, kinəsi bihəd Xalqın malını harda alar şər’i-Məhəmməd Bir halda kim molla yazıb şər’i qəbalə Harda belə bir bi’dətə yol verdi risalə. * * * Bu gün... İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir. İranda bu gün hökm sürür sülh-səlamət Başdan tükü tərpənməz əgər qopsa qiyamət. Dövlətlər ilən sazlamışıq yaxşı əlaqə Heç bir kəs ilən bizdə səbəb yoxdu nifaqə Zəhmət çəkərək milləti qaldırdıq ayağa Bəsrə yolu Londondan edər xalq ticarət İranlıya bir parça çörək olsa kifayət. Şahənşahi-İran açıb hər ölkədə məktəb Kəndisitək iranlı olub işə müəddəb Həll olmayaraq qalmış isə bir para mətləb Rəqqasəliyə kurs açılır bizdə bu saat Şahın özü də bundan ötrü qıldı siyahət. Hazırca dəmir yolda gəzir milləti-İran Təşkil olub atdan, dəvədən bir neçə karvan. Kurslarda gedib dərs oxuyur çoxlu şuturban; Eşşək minərək millətimiz olmada rahət, Yollarda zühur eyləməmiş bir kərə qarət. Asudə vətən sazlamışıq qeyrətimizdən Millət yatır asudə bizim dövlətimizdən Vursan da qapaz səs çıxamaz millətimizdən Aqil kişiyiz eyləmişik yatmağa adət Azadəyiz hər işdə parlamana nə hacət * * * Və’də Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər. Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə Və’dlər vermiş idi burdakı əhli-şərəfə. Və’də vermişdi gəlib eylərəm azad ərəbi Türkdən qurtararam Bəsrəni, Bağdad, Hələbi. Elə od yağdı ki, yandı ərəbin cədd-əbi. Hərəsi çəmdəyin indisə çəkir bir tərəfə. Əvvəli bir neçə gün yağladı saqqalımızı Verdi cib xərcliyi, saz eylədi əhvalımızı. İndi istər ala biçliklə əba, şalımızı Qoymayır qalmağa başlarda cırıq bir mələfə. Əlinə aldı həyasızca ziyarət bazarın Siğə mə’dənlərini, canlı ticarət bazarın Xorasan kimi vurub yıxdı ibadət bazarın Şaşırıb başımızı saldı bu əngəl-kələfə. Etdilər bircə nəfər tənbəli-Bağdada əmir Lotulardan düzəlib bir neçə qondarma vəzir Hicrətə başlamışıq biz də ki, bir cəm’-kəsir Buradan başlamışıq söyməyə ol naxələfə. Kəsilib xüms-zəkatın yolu, yox mal imam, Nə dul övrət, nə də siğə, nə də ki, gündə həmam Vaxtımız keçmiş idi eyş-ibadətdə tamam İndi isə nə qalıb vəqfə, nə yovmi ərəfə. * * * Partlarız... Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir. Göydə quş, dəryada mahi yetsə azadiyyətə. Partlarız bir kimsə nail olsa gər hürriyyətə. Olmarız razı cahan vəhşiləri can almasa Şadız aləmdə faşistdən başqa, insan qalmasa Öylə bir ali köpək kim hürmüşüz Rimdən Fasa Mussolini bizləri tə’lim edir bu adətə Partlarız bir kimsə nail olsa gər hürriyyətə. Faslılar versinlər istiqlal üçün minlərcə can Qumlu səhralarda axsın sel kimi məzlum qan Ölkəsin təqsim edir etsin beş-altı şarlatan Ölsə ölsün, çatmasın ancaq ki, muxtariyyətə, Partlarız hər kimsə yetsə azca bir hürriyyətə. Olmuşuq axırda biz beynəlmiləl bir bihəya Hürməyir dünyada bir it, bir köpək bizdən sava Bir küçük vanqıldamaz Rimdə pop olmazsa riza Qoymarız əf-əflə dünya xalqı dalsın rahətə Çatmasın bir kimsə bu əf-əfdən azadiyyətə. Yapmışıq bir öylə dərya onda qərq olsun bəşər Etməsin təkrar hürriyyət sözün heç bir nəfər Həp faşist olsun cahan cəlladə dönsün müxtəsər Həp əsir olsun xəlayıq beş nəfər xoş qeyrətə Partlarız hər kimsə nail olsa azadiyyətə. * * * Hər iki fitnəm baş... Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir. Hər iki fitnəli baş fisqü fücurun qabıdır Hər iki zat «vəfadarın» işi qullabıdır Eyləmiş hər ikisi min cürə xidmət bəşərə Etməmiş hər biri ömründə sitəm bir nəfərə. İstəməz heç biri millətlər əsarətdə qala Heç düşünməzlə cahan xalqına bir hərb açıla. Rəhm, insaf, mürüvvətlərinin bir sözü yox, Şübhəsiz özgəsinin bir qəpiyində gözü yox. Nə Cəzayirdə tökür cəbr ilə xalqın qanını, Nə cəfalərlə mərakəşlinin almış canını. Bir kəsin mülkünü almağlığa rəğbətləri yox Seviyor hər kəsi xalq ilə ədavətləri yox. Nə gəlib təngə cəfasında bunun Şamü Hələb Nə frənk adın eşitcək titrəyər çilpaq ərəb. Xilqətən bir yaranıbdır bu iki zat kiram, Bundakı şərm-həya xalq olunub onda tamam. Hər iki əhli-vəfa bir ağacın meyvəsidir Hər iki zatın işi bir lotunun şivəsidir. Biri meydana çıxır, digəri işdən çəkilir Fərqi ancaq budu kim ağ gediyor qarə gəlir, Bu gələn, ya ki, gedən bir qabanın çoşqasıdır Bu da «qeyrətli» frənkin taza bir hoqqasıdır. * * * Boş qayıtdılar İşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər. Yüklədilər arxama karxanəmi, Kəndimə qaytardılar əfsanəmi, Kafir olub yıxdılar kaşanəmi, Hər kəsə qurmaq tələ baş tutmadı, Düşdü başım əngələ, baş tutmadı. İşçi baxantək donuma, şalıma, Tolladı bir lombaça saqqalıma, Zir-zibili yüklədilər dalıma, Xalq ayılıb, məsələ baş tutmadı, Düşdü başım əngələ, baş tutmadı. Tapmış idim sadə, gözəl nevhəkər, Mütribə bənzər qaratel bir pəsər, Məşq verərdim ona axşam, səhər, Heyf xəfi məşğələ baş tutmadı, Düşdü başım əngələ, baş tutmadı. İndi mənim son səfərim, əlvida! Düşdü daha molla Kərim, əlvida! Həm boşanır nevhəkərim, əlvida! Getdi bu canlı şələ, baş tutmadı, Saldı məni əngələ, baş tutmadı. * * * Vallah Yeni əlifbanı köhnə əlifbaçılar nə üçün qəbul etməyirlər?! Kim əsas qoydu burda, yeni əlifbayə, vallah. Təzəliklə salmaq istər başımı bəlayə, vallah. Hamı gözlərin deyərdi qəzetə, kitab görəndə Yazı yazmağı bilənlər sayılırdı bu vətəndə Nə təfavüt olsun indi qara fəhlə ilə məndə. İki ay ki, getdi kursa atılır arayə, vallah Kim əsas qoydu burda, yeni əlifbayə, vallah. Deyir olmasın gərəkdir yazılarda əbcəd, həvvəz, Ərəb əlifbası görcək çəkilib yaxın da gəlməz Dili sadələşdirirlər, nə zəhər, nə həççə bilməz Ərəb əlifbası düşdü bu yaman qəzayə vallah Kim əsas qoydu burda, yeni əlifbayə, vallah. Yazı işlərin heç olmaz oxuyub əməkçi qansın Özünü ərəbləşənlər heç olurmu türk sansın Yazı öyrənir camaat qoymaz ki, iş uzansın Oxuyur dünənki fəhlə qəzeti bir ayə vallah Kim əsas qoydu bilməm yeni əlifbayə, vallah. Evimiz yıxıldı yazmaq əgər olsa bunca asan Oxuyar qanar, hüququn tora düşməz əlbət insan Buna razı olmam hərgiz yazı öyrənə müsəlman Aramızdakı cəhalət gələ intəhayə vallah Kim əsas qoydu bilməm təzə əlifbayə, vallah. * * * Oğlan Bakı ittifaqı el dükanlarını artırdıqca xüsusi dükançıların şikayətləri də artmaqdadır. Bilməm nə kələk açdılar dükkan üçün, oğlan, Bir müştəri gəlməz daha dərman üçün, oğlan! Hər küncdə bir baksayuz açdıqda yanımda Bağrım yarılır təkcə bu viran dükanımda Gəldikdə nalog az qala od yandı canımda Olsun nə qədər səbr bir insan üçün oğlan Bu qüssə rəvadırmı müsəlman üçün oğlan? Boşdur qutular, yoxdur əsər simü zərimdən Çəkmiş öz hasarın tor atan dövri-bərimdən Birəhm siçan qaçmayır artıq nəzərimdən Dükkan yaranıb yoxsa bir heyvan üçün oğlan, Nastoykada, vıstavkada cövlan üçün oğlan? Həp ruhum ölüb yox şu keçən qüvvətli-bazu Tərpənməmiş üç gündə bu biar tərəzu Mal varsa da bir kimsə deməz söylə nədir bu? Qoymuşla məni yoxsa nigəhban üçün oğlan? Yoxsa qaraul qoydula dükkan üçün oğlan? Keçdi o zaman kəndliyə verdim mən əzabı Yüz dəf’ə qızıb başına çaldım bu kitabı Gündə yüzünə vermiş ikən barmaq hesabı İndisə qəpik tapmayıram nan üçün, oğlan, At kəlləsiyəm yoxsa bu bostan üçün oğlan? * * * Nevhələrim Bakıya məhərrəmlikdə mərsiyə oxumaq üçün gələn mərsiyəxanlardan iyirmi nəfəri işsiz qaldığından hər şeylərini satandan sonra İrandan yol xərcliyi istəmişlər ki, çıxıb getsinlər. On bir il Qafqaza peydərpey olubdur səfərim, Xoş gəlib milləti-islamə təzə nevhələrim. Sazlayırdım səsimi hər sənə əyyami-əza Min fırıldaqla alardım özümə əbri-əba Oxuyardım gecələr dəştiyi-mahuri-nəva Xoş gələrdi qulağı tuğlilərə sevti xərim Kərbalayı, məşədi, hacı kimi xun ciyərim. Paraxoddan çıxaraq körpüyə etdikdə nüzul Delegatlar tökülüb eylər idi rəsmi-qəbul Həmısı şi’əyi-xülləs, həmısı qəflətə qul Yedirərlərdi şişərdi gədəni-mötəbərim Kəkələrdim supalar tək dəyişərdi gədənim. Bolşeviklər gələli leyk böyük əngəl açıb Fəhlənin, kəndlinin ki, hələ lap ağlı qaçıb Getməyin dərdi ki, lap canımıza rə’şə saçıb Düşməyədi bura ey kaş əzəldən güzərim Çəkməyədi bu qədər dərdü-bəla didə sərim. Dəyişib fikrləri saxlamayır mərsiyəxan Gəzərik indi iki aydı tamamən hərəsan Satmışam, xərcləmişəm, yoxdur əyağımda tuman Keçiyor ahi-şərərbar ilə şamü-səhərim Qüssəsindən ağarır get-gedə rişi-qəhərim. Satmışam heybəmi də, qalmamış əmmamə, filan Həm özüm burda acam, həm də ki, evdən nigaran Orda, burda nə qədər səsləyirəm «ay söz alan» Söz alan olmadı gər çıxsa da mahi-səfərim Qaldı köhnəldi təzə nəşr edilən nevhələrim. Bir neçə yerdə fəqət bəzmi-əza saxladılar Onu da aldı ələ burda olan zurnaçılar Nə qədər vasitə saldıqsa yaxın qoymadılar Şeyx Ğəni söylədi öz məmləkətim, öz şəhərim, Qoymadı ağzımı da açmağa, artdı kədərim. * * * Dükanda Qəzalardakı dükançılar müxbirlərdən narazı olduğu kimi Binəqədidə baqqal Əli Əlimərdan oğlu da «burada muxbur çoxdur» deyib dükanı yığışdırmışdır. Pislənmədədir get-gedə əhval dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Axırda soğan doğradı ovqatıma müxbir Bir düşməni-can oldu mənim zatıma müxbir Hər yerdə gəzib göz qoyub halatıma müxbir Axşama kimi çömbəlirəm lal dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Təftiş olunur gündə beş-on dəfə tərəzu Çirk olsa tabaq söyləyəcəkdir: bu nə yahu! Gah müxbür olur, gah dönüb doktor olur bu, Əl üstü yazar görsə bir əşkal dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Qatsam yağa piy, eyləyəcək əldə bəhanə Yazsa qəzetə iştraf eyləllə dükanə Söz müxtəsəri getdi bu şeytan məni canə Bilməm nə görüb bu dəli dəccəl dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Bir fəndimi dərk etsə düşər şəhrə qiyamət Hər gündə yazar qəzetədə bir dürlü hekayət Müxbir haradı varsa yox azadə ticarət Etmişlə bizi bir quru həmmal dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. * * * Qan edən Xırda millətlərə nəcat vermək üçün Almaniya cahankirliyini əzib ümumi sülhü bərpa etmək əməlində olan Qərb sərvətdarları ikinci bir müharibəyə hazırlanırlar. Əvvəlinci hərbdə Vilhelm idi tufan edən Aləmi təsxir üçün hər səmtə hərb elan edən. İstəməzdi bir zaman rahat dolansın kainat Qoymadı məxluqun istiqlalı qalsın bərhəyat İmdi taxtından salıb dünyaya verdin bir «nəcat» Min təşəkkür kim tapılmaz əsrdə bir qan edən, Aləmi təsxir üçün dünyaya hərb elan edən. Bitdi qovğa, qalmadı artıq xüsumətdən nişan, Sərvətin əmrilə «təhdidi-silah» olmuş cahan Yeddi ildir dəhrdə baş verməmiş «qarət-filan» Qalmamış dünyada xalqı gündə bir talan edən, Min təşəkkür kim tapılmaz dəhrdə bir qan edən. Hər vilayətdə qurub kabinə bir adil kişi Hər kəs öz mülkündə, xatirdən çıxıb ilhaq işi, Olmuş asudə qoyun, zira sınıb qurdun dişi, İşçilər də razı qalmış, yox daha üsyan edən Min təşəkkürlər tapılmaz dəhrdə bir qan edən. Cüzi qan tökdüksə artıq sülhü qıldıq payidar Yer üzü tutmuş tamamən üç nəcib əldə qərar. Xırda dövlət çoxsa, fərmanlar bizimdir hər nə var, Bizləriz dünyada hər şeytanlığı bünyan edən, Qoymadıq dünyada qalsın bir nəfər üsyan edən. * * * Balaca felyeton İngiltərə mətbuatı deyir ki: 1922-ci ildə Misirə istiqlal verməyi və’d etdiksə də, bu gün siyasi, iqtisadi vəziyyət Misirdən, İraqdan çıxmağı təqaza etməyir. Xidmətin misrlilər etmədi itmam hənuz Müstəqil olmağa yox onda sərəncam hənuz. Orada əskərimiz qalmalıdır bir neçə il Ta ki, bitsin suyu, yansın, qurusun vadiyi-Nil Lazımınca hələlik olmadı bu ölkə zəlil Uçmamış əski Əbülhövl ilə ehram hənuz Müstəqil olmağa yox onda sərəncam hənuz. Duracaq Misrdə İngiltərə durduqca kanal Buradan Londona seltək axıyor sərvət, mal Buraxarmı belə bir varlı yeri əhli-kamal? İngilislərdə hanı sən dediyin xam hənuz? Müstəqil olmağa yox orda sərəncam hənuz. Biz gedəndən sonra kabinədə tək qalsa Fuad Məsləkindən düşürər aləti ərbabi-fəsad Qoymuşuz Misrdə, Sudanda da bir sevməli ad Xoş gəlir ordakı alətlərə bu nam hənuz Müstəqil olmağa yox orda sərəncam hənuz. Nə qədər varsa xarab ölkədə Zəğlul kimilər İngilislər oradan söylə daha əlmi çəkər? Üç il əvvəl olara verdiyimiz və’də yetər Verəriz indi də ol və’dəyə düşnam hənuz Müstəqil olmağa yox orda sərəncam hənuz. * * * Balaca felyeton Fələstində yerli ərəblər tərəfindən min nifrətlər ilə qarşılanmış Balfor indi də Diməşqə, Şama gedir. Çıxdı nifrətlə Fələstin xalqı istiqbalıma Şamda bihəd tüpürcəklər yağar saqqalıma. Fəxrdir bundan da artıq yağsa nifrətlər bənə Qoysa heykəl lə’ndən məzlum millətlər bənə Bir təqərrübdür kral indindən lə’nətlər bənə Şərqdə on dörd hökumət salmışam çənkalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma, Təkcə şəxsimdən mənim məmnun deyildi ölkələr İngilislikdən ümumiyyətlə məmnundur bəşər Şöhrət etmiş bizdə bir sadə naxallıq müxtəsər Nailəm ancaq həyasızlıqla hər amalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma. Ölkələrdə qəhr, nifrətlərlə bəklənməkdəyəm Mən o nifrətlər, o lə’nətlərlə əylənməkdəyəm. Lə’nət artdıqca şişib artıq köpüklənməkdəyəm Çünkü əvvəldən bu xasiyyət, düşüb iqbalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma. İstərəm həp kainatım alət olsun Londona Ondan ötrü eylərik min .....lik ondan buna Öylə bir tülkü ki, girrəm hər məkanda bir dona Şərqdə minlərcə Feysəl bağlanıb dunbalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma. * * * Balaca felyeton Fransanın Mərakeşdə hərəkatda bulunan əsgərləri əlverişli mövqe’ləri işğal etmək üçün ric’ət eyləmişlər. Mərakeş xalqında yox mədəniyyət Getmişdim onlara verəm tərbiyət. İnsanlıq üçündür etdiyim tufan İnsan düşmənidir həp Ərəbistan Rəhmdil parlman göndərib fərman Ölkələr yaxılsın, talansın millət, Mərakeş xalqında yox mədəniyyət. Odlu təyyarədən cəhənnəm saçdım Yurdsuz çocuqlara atəşlər açdım «İntizam altında qayıtdım qaçdım Möhkəm səngərlərə eylədim ric’ət» Mərakeş xalqında yox mədəniyyət. Şəhərlər odlandı, kəndlər də yandı Ağ-yaşıl çadırlar qana boyandı Topların səsinə millət oyandı Qaçmadı nə qədər vurduqsa zərbət Mərakeş xalqında yox mədəniyyət. Getmişəm ölkəsini qılmağa təqsim Süngümdən, topumdan verməyə tə’lim Tumançaq ərəblər olmadı təslim İrəli yürümək deyil məsləhət Mərakeş xalqında yox mədəniyyət. Bir səmər verməyir açdığım atəş Rifler ölkəsində yetər kəşakəş Mərakeş deyilmiş əski Mərakəş Parlmana söylə çəkməsin zəhmət Yeni istiqraza qalmadı hacət. * * * Bəxtəvər İran İran Şimal neftinin imtiyazını on milyon dollar istiqraz şərtilə Sinkler kompaniyasına vermişdir. Bir yaxşı parlaman düzədib bəxtəvər İran Hər müşkülə bir anidə surət çəkər İran. Bir öylə parlaman ki, sevər sülh-səlamət Açmaz gözü çeşmində əgər qopsa qiyamət İranlıda əz bəski təbiidi bu halət Xilqətdə yaranmış deyəsən kur-kər İran Zatində qul olmağı sevir sərbəsər İran. Bir əngəl ikən neft Cənub işləri hala Bir öylə ölüm qıldı Şimalında müəyyə Yazdıqlarımı kəndinə aldırmayır əsla Yorğanı salıb başına xorna çəkər İran Durmaz yuxudan olsa əgər min səhər İran. Öldüsə vətən, neft işi yetdikdə təmamə Əlminnətilləh ki, papaq düşdü nizama Tehrandakılar bir kazirok verdi əvamə Başsız papaq axtarmadadır dərbədər İran Doğdu özünə axırı bir çanəvər İran. Satmaqda görüb məmləkətin sülh-səlahın Hər gün oxudar bir kişiyə əqd nikahın İranlı təbiətdə qazanmış bu günahın Hər gün özünə tapmadadır birçə ər İran Bilçümlə xorasanlı imiş bəxtəvər İran. * * * Ad etdiyin Amerika Fransadan borclarını tələb edir. İngilislər də bu haldan sevinirlər. Kəndini iflasdan qeyrətlə «azad» etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin? Öylə zənn etmə ki, mən külməkdəyəm iflasına İngilis xalqı təmamən müntəzirdir yasına Hər nə isə əncümən bir möhrə saldı tasına Kəndini bərbad qıldı nemsi bərbad etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin Bir düşün kimdəndir ibraz etdiyin son bir zəfər Öz küçünlə yoxsa bildin məhv edilmiş nemslər? İndi ki, məğrursan, dinlə deyim tək bir xəbər Özkənin zövgilədir kəndini damad etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin Az qalıbdır borclular dartsın ayağından tuman Sən Lehistanə yenə imdad edirsən son zaman Yüz franqa vermədikdə ölkədə bir loqmə nan Gülməyə layıq deyilmi Fasda bidad etdiyin? Qonşunu küldürməsinmi bunca bir ad etdiyin. Ver görək hər nə varınsa mərhəmətsizdir fələk Bir sümük qapdıqda belə olmayır rahat yemək. Borclusan ver! Biçarələrdən nə şikvə eyləmək? Pul yoxunsa əldə kər, biçadı fəryad etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin. * * * Olmaz İngiltərədəki işsizlik məsələləri parlamanda müzakirə edildikdə, baş vəkil Boldvin demişdir: «İşsizliyin qabağını almaq üçün İngiltərə hökuməti daima sülhü bərpa etməyə çalışmışdır. Olmazsa ingilislər sülh-səlamət olmaz. Hər yerdə ingilis yox orda ədalət olmaz. Əlhəmdülillah etdik dünyaya sülh içində Bir qətrə qan tökülməz İranda, Hind-Çində Salmaqdayız qiyamət hər gün o tin, bu tində Bir ünsürüz ki, bizdə gizlin siyasət olmaz Olmazsa ingilislər sülh-səlamət olmaz. Hər məmləkətdə hala zil salmışıq siçantək Hazırdır ingilislər birçə qoxu qanantək Şərq ölkəsində xalqı sançarsa gər ilantək Hər adət olsa onda, ancaq xəyanət olmaz Biz harda olsaq orda cəlladə hacət olmaz. Baxma ki, ölkəmizdə işsizlər eylər üsyan Bir az da ortalıqda var iqtisadi böhran Ar etməyin dolursa işsizlər ilə hər yan Məhv olmayınca zəhmət bizdə səadət olmaz Biz harda olsaq orda cəlladə hacət olmaz. * * * Oğurluq İran parlamanında bir çoxları Zəhirülməmalik kimi oğurluq mandat ilə nümayəndəlik etdikləri üçün kənar edilmişlərdir (İran xəbərlərindən). Dörd min sənədir olmamış İranda oğurluq Hala ki, zühur etmədi bəy-xanda oğurluq. Bilməm niyə bəs qıldı qəzet bizləri rüsva Mandat satılırmış bu keçən seçkidə guya. Bunlar hamısı sırf yalan bir xəbər, əmma Kəşf eyləməyib kimsə parlamanda oğurluq, Hər zad olar, olmaz fəqət İranda oğurluq. Millət hamısı molla, seyid, əhli-dəyanət, Hər rəngə girib eyləməmiş bir kərə sirqət. İranlı yazıq eyləməmiş bu işi sənət Bir din kimi kök salmamış hər yanda oğurluq, Şər’i dona həm girməmiş İranda oğurluq. Tapşırmış əmanət necə şey həzrəti-Adəm Olsun gərək orda evə bir oğru müsəlləm Aləm tüpürə çəmdəkinə eyləməsin qəm Bir müxtəsər olmazsa müsəlmanda oğurluq Düşməz moda bir din kimi hər yanda oğurluq. Ə’yanımız həm oğru, şəhənşahımız oğru, Zillülləhimiz, şahi-dilakahımız oğru, Olsa yeməyə ağzı gər allahımız oğru, Ə’yanda, əsilzadədə, zadəganda oğurluq Çünki anadan doğmadır İranda oğurluq. * * * Əcəba Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır. Bu yazıq çinlilərin ağlına bir bax, əcəba Qoyulur orda köpəklərlə bərabər nüçəba. Deyirəm onlara, ay vəhşi, kim aldatdı sizi? Kim dedi tanrı köpək xalq eləmiş ingilisi? Qanmamışsız yenə də məncə təmiz, natəmizi Sərvətə, dövlətə sizlərdə itaət bumu ya? Lorda vermək köpək isnadı yararmı əcəba? Qan içən bir kəsə çayizsə əgər it də demək Yaramaz ortada ancaq iti təhqir eləmək İngilislərlə yapon varlısı fəxr eyləyəcək Onlar it olsa da it olmayacaq bunda riza Köpəyə lord demək səhvi yararmı əcəba? Nə desən var yeri insanlar əzib qan içənə Söylə itdən nə fənalıq yetişibdir vətənə? İt əgər ömrdə beş-on kərə hürmüşsə sənə İki əvvəlki köpəklərlə də pislənmiş hava Köpəyə lord demək səhvi yararmı əcəba? İti bir dəf’ə qovarsan daha gəlməz yanına İngilislər kimi göz tikməz o, son yorğanına İt yapontək susamaz əsrdə hərgiz qanına Atıb əvvəlkiləri itdən ara sidqü səfa! Köpəyə lord demək səhvi yararmı əcəba? * * * Balaca felyeton Amerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm. Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz Tərki-təslihatı sevməm, çünkü xunxarəm hənuz. Hərb edən olmazsa düşməz ölkələrdə bir nifaq Müttəfiqlər dinçəlirsə qalmaz əski «ittifaq» Ölkələr çənkalıma düşməkdə hər gün bir sayaq Gündə bir İrandan, Albandan tələbkarəm hənuz, Tərki-təslihatı sevməm çünkü xunxarəm hənuz. Müttəfiqlərdən yoxumdur qorxu halətdən düşüb İngilislər nemsdən bədtər rəqabətdən düşüb Şərqi-əqsada yaponlar lap ki, qeyrətdən düşüb Mənsə altunlarla dünyamızda qəhharəm hənuz Tərki-təslihətə bənd olsam da xunxarəm hənuz. Qarşıma olmaz çıxan tərki-silah etsəm də mən Qalmamış zira ki, sönmüş Qərbdə baş tərpədən Cümləsi borclu, acından qalmamış çıngır çəkən Onları bundan da bədtər soymağa varəm hənuz Tərki-təslihətə bənd olsam da xunxarəm hənuz. Ortada ancaq ki, məncə az silah olsun gərək, Fürsət olduqca yenə bir hərb tə’sis eyləyək, Qərbi qan boğsun, qırılsın xalq, biz amin deyək, Aləmi-insana ədlimlə pərastarəm hənuz, Hərbçu olsam da sülhə mən tərəfdarəm hənuz. * * * Balaca felyeton «Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan) Gər yapmasa Şura sənədin əldə bir alət Öz fitnəsin ixfa edəməz oğru siyasət. Hind işçisi axırda əgər qılsa bir üsyan Balkanda bu gün hərb aça gər sərvətə dəhqan İngiltərəyə lə’n edə gər həp Ərəbistan Bu işdə də Şuralar edər məncə dəxalət Şura sənədin eyləyərəm fitnəmə alət. Bir lord ola gər Misrə də, Sudana da hakim Vəhşətlə Trablisə girə bir sürü zalım Bir söylə mənə «növbə»nin üsyanı nə lazım? Millətlər əgər təngə gəlib yapsa qiyamət Şura sənədin eyləyərəm əldə bir alət. Hazırlamışız Kə’bədə çoxdan bəri cəncəl Getdikcə Mərakeşdə, Fələstində bir əngəl Hazırlayırız Şərqdə hər il neçə Feysəl Aləm bizə müstəmləkədir iştə kifayət Şura sənədin eyləmişiz dildə bir alət. Minlərcə fırıldaqlar əgər çıxsa «Xəta»də İranı da bəl’ etməyə gər qılsam iradə Bişübhə əgər çıxsa bir üsyan fuqəradə Əlbət belə üsyanı qəbul etməz «ədalət» Şura sənədin eyləyərəm burda da alət. * * * İrandan məni İran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır. Atdılar girəm ki, millət mülki-İrandan məni Etdilər rüsvayi-aləm xalq hər yandan məni. Gör neçə töhmət deyir haqqımda nadan millətim Yazdılar guya ki, biarəm, yoxumdur qeyrətim. Çıqqama and olsun amma bu işə var minnətim Çünki məmnun eyləmişdir ingilis candan məni Qovdular, qoy qovlasınlar, millət İrandan məni.. Tacü təxtimdən məni cəbr ilə məhrum etsə də Zatimə bu əmri namərdanə mə’lum etsə də Olduğum şantanda yüz il həbsə məhkum etsə də Leyk məhrum eyləməz heç kəs cibişdandan məni, Lüt görüb artıq çölə atmazla şantandan məni. Doqquz ildir aşikara satmışam İranımı Qoymuşam Londonda bankə hər nə var «vicdanımı» Qalmaram ac, ingilis tə’min edər həmyanımı Gündəlik ruzi görür hala ki, həmyandan məni, Qovlamış girəm ki, millət mülki-İrandan məni. Ad bizim olmuşdu, ancaq özkənindir məmləkət İmtiyaz ilə satılmış sərvətə hər bir cəhət Qovdular, qovsunlar, allah bəlkə görmüş məsləhət Eyləmiş allah özü azad o virandan məni, Qovlamış girəm ki, millət mülki-İrandan məni. * * * İran milləti «Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir. Ali Qacarı sevir, əlbət ki, İran milləti, Məmləkət təqdir edir artıq bu zişan milləti. Bunların əhdində İran iftixar etməkdədir, Elm-ürfanilə millət iştəhar etməkdədir, İngilislər gündə bir səmtin şikar etməkdədir Qoymamışlar vadiyə qəflətdə nadan milləti Etməmişlər zərrə də olsa pərişan milləti. Məmləkət hər yan dəmir yol, yoxdur eşşəkdən nişan, Millət öz mülkündə hərgiz olmamışdır bağban, Getməyir Şirazə burdan on bir ayda karvan, Etməmişlər yəksər eşşəkçi, şütürban milləti, Satmamışlar gündə bir biarə heyvan milləti. Mollalardan ötrü açmış əlli cür darülfünun, Məmləkət bidətlər içrə qalmamışdır vajkun, Olmasın bu xanədanın təxt-tacı sərnükun, Qoymamışdır çünki hər işdə hərasan milləti Hər tərəfdən çulqamışdır elm-ürfan milləti. İndi ki, bunlar bitirmiş öz böyük xidmətlərin Vardı bir təklifi İranda olan millətlərin Arxivə qoysunlar artıq padşah həzrətlərin Şahsız qoysunla bir no’ilə əl’an milləti Ali Qacarı sevir, əlbət ki, İran milləti. * * * Dünyaya gəlir Vyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər. Yaz olan kimi toyuqlar da yumurtaya gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. Zərbə vurmağlıq üçün qırmızı beynəlmilələ Qərbdə verdilər «qeyrətli» keşişlər əl-ələ Anlamışlar ki, bitib işləri bağlandı şələ Köhnə din məsələsi tazədən ortayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. Qatilin hərbə əzəl ordusu qılmışdı yeriş Tankı, həm topları da görmədi meydanda bir iş Hər gücün vurmuş idi qalibə qalmışdı keşiş Son güman, ləğv olunan əski kilisayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. Burda da hiyləsi baş tutmasa boş qalsa əli Yıxa bilməzsə əgər qırmızı beynəlmiləli Daha yox ayrıca bir çarəsi başqa əməli İndi də birçə güman göydə Məsihayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. İstəyir dini yenə sərvətə qalxan qayıra Hərb üçün köhnə kəlisanı da meydan qayıra Qara qarğanı da bir dahiyi-dövran qayıra Hər gələn qaçdı, çıxış növbəti qarğayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. * * * Balaca felyeton Almaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik. Ol gün Parijin işçisi tufan qoparırdı. Məğlub edərək sərvəti üsyan qoparırdı, Ol gün ki, sizin mülkdə qopmuşdu qiyamət, İş fəhləyə keçmişdi yıxılmışdı hökumət, Ol gün ki, qızartmışdıla Sen nəhrini qandan Alman sizi qurtardı bu dəhşətli zamandan. Nems ordusu hər səmti yaxıb yıxdı sərasər Bizdəndi ki, Versaldakılar çıxdı müzəffər. Dəhşət saçaraq heykəli-hürriyyəti yıxdıq, Bir gündə girib şəhrə kommunanı dağıtdıq İmdisə əzib ondakı qatilləri dövran İşlər dəyişib sizlərə məğlub olub alman Bir az daha lakin böyüsə Rurdakı tə’til Hər yerdə qiyam eyləsə nems işçisi təkmil Axır bu çürük əyri hökumət bizə qalmaz Biz məhv olarız, sizlərə də bir qəpik olmaz. Üsyan böyüsə, qursa əgər fəhlə hökumət, Ondan sora bişək yetişər sizlərə nöbət, Ən yaxşısı əvvəl verəlim əl-ələ birdən Qeyrət edəlim, qaldıralım fəhləni yerdən. Heç bir nəfərə vermiyəlim dinməyə imkan Burnu əzilib fəhlələrin, etməsin üsyan, Qatil kapital bir-birinə olsa da düşmən Fəhlə işi gəldikdə biriz həp neçə sən, mən. * * * Bir firqə çıxıb İtaliya Mərakeş işlərində iştirakı qərara almışdır. Bir firqə çıxıb ölkəmizə dövlətimizdə, Ondan bəri var fəthü zəfər millətimizdə. Düşsə yeyəcək indi başımdan yekə hər zad, Şıllaq ataraq eyləyəriz min cürə bidad, Bir... yeməsək də salarıq boş quru fəryad, Hürmək dəxi bir xariqədir şöhrətimizdə, Bir firqə çıxıb ortalığa dövlətimizdə. Hər guşədə bir yağlı tikə tapsa gər əlvat, Öz varlığımı etməliyəm mən dəxi isbat, Qoymam yeyəsiz faslıları siz iki xoş zat, Eybi nədi hürmək qoyulub xilqətimizdə, Bir firqə çıxıb ortalığa dövlətimizdə. Ən qısa, bərabər durarıq hər bir əməldə, Bu iş dəxi qanuni bir ünvan olub əldə, Bir bunca cahangir deyil idik biz əzəldə, İndisə böyük dövr açılıb qeyrətimizdə, Ondan bəri var fəthü zəfər millətimizdə. Nöqsan yeri yox, böylədi hazırkı siyasət, Bir-birlərinə hürmək olub Qərbdə adət, Müstəmləkələr bitdi daha qalmadı qarət, Cəncəl çıxacaq indi bu son qarətimizdə, Eybi nədi hürmək qoyulub xilqətimizdə. * * * Parlamanımıza İran parlamanı 27, 28, 29 səfərdə parlamanda mərsiyə oxutdurmağı qərara almışdır. («Sitareyi-İran») Yığılıb bir sürü əmmamə parlamanımıza, İstəyir bir yeni dövr açmağa İranımıza. Ayılıb xabdan axırda Əcəm məmləkəti, Yenə də mərsiyəxan ilədir hər məsləhəti, Rövzəxanlıqla parlamanımızın hər cəhəti, Əskilik çünki təbiətlə girib qanımıza, Qorxarız göz dəyə axırda parlamanımıza. Doğrudan da dəyişib iş, yeniləşmişdir Əcəm, Elə bir ölkə ki, təhrirdən acizdi qələm, Yenə də mərsiyəpəzlik, yenə zəncir, ələm, Yenə də gəl qulaq as naleyi-əfğanımıza, Yığılıb bir sürü əmmamə parlamanımıza. Köhnələr ölkəsidir, mollalar İranıdı bu, Lotular məclisidir, şiə parlamanıdı bu, Əvvəlindən də bir əfsanə parlamanıdı bu, Burası doğru bir əyləncədir əyanımıza, Yığılıb bir sürü əmmamə parlamanımıza. Rövzəxanlıqda mübariz durarız ingilisə, Qələbə çalmaq üçün mərsiyə lazımdı bizə, Yenilik qurmaq üçün yalvarırıq rövzəpəzə, Bəlkə yardım qıla hər yerdəki üsyanımıza, Yığılıb bir sürü əmmamə parlamanımıza. * * * Məhərrəm nəğmələri Məhərrəm gəldiyi üçün şeyx Qəni şəxsən məscidin döşənməsi işlərində iştirak edir. Toplandı yenə məşhədilər yanına şeyxin, Salsın hamı bir para cibişdanına şeyxin. Əlhəmd ki, məscidlər olur xaneyi-vəslət, Evlənmək üçün başlanıyor xırda ticarət. Huridən alır kəbləyilər gündə yüz övrət, Bir söz demərəm doğrusu qılmanına şeyxin, Böhtandı bu iyrənçi iş ünvanına şeyxin. Hammalları da eyləyəcək huriyə damad, Nəqd pul verir onlar da alır nisyə bir arval, Dünyada əzab qalmadı şeyxin evi abad, Min şükr edəcək xalq bu ehsanına şeyxin, Toplandı yenə məşhədilər yanına şeyxin. Hurini bəzər şeyx ağa moizədə hər dəm, Ağzı sulanıb xalqın olur haləti bərhəm, Əlmuzdun alır toyda bu məşşatə müəmməm, Zira yaraşır məs’ələ vicdanına şeyxin, Layiqdi bu ərz etdiyim ünvanına şeyxin. On gün başa-baş tozlu həsir üstə müsəlman, Vaxtın keçirər vəslilə ol quli-biyaban, Zövq eyləyə qılmanla başı örtülü nisvan, Artıq nə deyim dinçi müsəlmanına şeyxin, Layiqdi deyən sözlərim ünvanına şeyxin. * * * Məhərrəm nəğmələri «Çün xeymələr o Şumrə hökm oldu qarət olsun». Həmşəhri məscidində şeyxə qənimət olsun. Onda ki, molla Kamyab vurdu Hüseynə zərbət, «Ey vay ağam» bağırdı məsciddə sadiq ümmət, Ey şiə etmə artıq Şumrə, Yezidə lə’nət, Bir kərrə söylə dildən Kamyaba lə’nət olsun, «Çün xeymələr o Şumrə hökm oldu qarət olsun». Hər il məhərrəm olcaq şeyxin kəramətindən, Çıxsın gərək bir az pul islam millətindən, Sirrin gedib soruşsan şeyxin son övrətindən, Söylər gərəkdi şeyxə hər gün bir övrət olsun, Bir dəfə söylə dildən bu şeyxə lə’nət olsun. Xalqın başına eylə səpdi yalanı molla, Hazırladı o dəmdə noxta, palanı molla, Ləşkər hücum edəndə atdı əbanı molla, Az qaldı məscid üzrə bərpa qiyamət olsun, Bir dəfə söylə dildən Kamyaba lə’nət olsun. Öldürdü şeyx əfəndi Ali-Əlini ətşan, Xəncər əlində söylər minbərdə «va cibişdan», Hala yenə bazarda bu anlamaz müsəlman Qəsdində qoydu şeyxə pul versin, alət olsun, Həmşəhri məscidində bərpa qiyamət olsun. * * * Hitler «cənnətində» Almaniyada çıxan «Kölnişe Zaytunq» qəzeti Alman xalqına tövsiyə edərək yazır ki; «Ərzaq normasının yenidən azaldılması zamanı təlaş və təşvişə düşməyə lüzum yoxdur». Hər nə ağan buyursa, əmrə itaət eylə! Mümkün qədər çox işlə, az ye, qənaət eylə! Çox torpaq aldıq, amma yoxdur çörəkdən asar, Yağ yox, pənir yox, aş yox, yanmış xərabələr var. Anbarda yağlı və’də, ərzağımız — yalanlar... Narazılıq nə lazım, al ye, kifayət eylə. Hazırlanıb sizinçin bu qanlı hərb, bu meydan, Hər yanda çağlayır qan, ölür minlərcə insan. Qarnın ac isə sən də Hitler kimi axıt qan, Bir qab içib o qandan vicdanı rahət eylə. Dinmə, danışma, ruzun gündən-günə azalsa, Ərzaq adı şəkildə, sözdə, kağızda qalsa, Oğlun, qızın, əyalın gər ac qalıb saralsa, Yox başqa bir vəzifən, ancaq ibadət eylə. Başdan-başa qırılsa, məhv olsa kütlə, millət, Qalmaz yeyənlər, artar ölkəndə naz-ne’mət. Bax, səndən ötrü Hitler yaratdı böylə cənnət, Dolan meyitlər içrə, qanda səyahət eylə!.. Fəxr et bu aclığınla eylə idarə qurdun, Səndən alırkən ilham, vicdanı güldü qurdun: Səbr et, bir az da qurban versin o xəstə yurdun, Onda fəğana başla, onda şikayət eylə! * * * Canavarsan, canavar! Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi. Həvəsin var toxu hər tin başı minlərcə yalan, Toxu, lakin onu yox bir qara dinarə alan. Yediyin, içdiyin, axtardığın insan qanıdır, Səni məhv eylədiyin ölkələr, ellər tanıdır. Yerə girsən yenə gizlənməyəcək zati-südün, Bilir aləm quduz itlərdən alınmış öyüdün. Elə bir fahişəsən yüz kərə vursan da bəzək, Bir gəlin şəklinə girsən də, təzəksən ki, təzək! Başqa ad yox, bütün aləm səni cəllad sayır, Dırnağından o kimin qanlarıdır damcılayır?! O yalan mərhəmətin, ne’mətin, ədlinlə sənin Çıxa bilməz bu qış aclıqlar içindən vətənin. Xalqı aldatmaz o rəngin, o yalan və’dələrin, Bəllidir yer üzünün xalqına dabbağda dərin. Sən deyirsən kölələr yurduna dönsün bu cahan, Qan tökürsən, düşün, ancaq boğacaqdır səni qan. Tülkünün Məkkəyə getməkliyi aydın bəşərə, Qara, mənhus adın aclıq gətirir ölkələrə. İti təhqir eləməkdir sənə ad versələr it, Elə itsən ki, yumaz çəmdəyini Bəhri-mühit. Sənin alnında faşizmin elə bir damğası var, Görə hər kəs deyəcəkdir canavarsan, canavar! * * * Tazə təbabət Faşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir». Başqa nəzərlə baxmayın başladığım bu qarətə, Çünki mənim təşəbbüsüm arxalanır təbabətə. Slavyan millətinin mə’dəsinə zərərdir ət, Tazə təbabət aclığı gördü bu xalqa məsləhət. Vicdanımız sığışmayır heyvanı candan eyləmək, Adətimiz olub daha el talamaq, adam yemək. Mal-qaradan təmizlədik aldığımız o yurdları, Yırtdı, dağıtdı, çeynədi xalqı faşizm qurdları. Töylədə qoymadıq inək, hində də yox toyuq-cücə. Məsləkimiz də, elm də, fənn də bağlıdır küçə. Məhv edərəm bu məsləkə etməsə xidmət elmü fənn, Saldıraram onun da mən boynuna qanlı bir kəfən. Elm deyir ki: məhv olub məhbəsə dönsün ölkələr, Fənn deyir ki: öldürün! Qalsa salamət, ət yeyər... Taleyim etsə bir kömək, mümkünüm olsa bir kərə, — Tapşıraram bu ərzi mən ac və quduz köpəklərə. Taxmışam öz qiyafəmi fəlsəfəyə, təbabətə, Lakin inanmıram bu gün bəxtimə, qalibiyyətə. Hər nə qazanmışam xəyal, əldəkilər deyil mənim, Mən düşünən düz olmadı, hərbi uzatdı düşmənim. Gündə yüz əlli min kərə yalan desəm dirilmərəm, Ət də yesəm dirilmərəm, bal da yesəm dirilmərəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-felyetonlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.