Gizli Bakı Məmməd Səid Ordubadi (1872–1950) Zavodda Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar. Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar. Pavluşa maşanı götürüb kürəni qurdalayırkən, emalatxananın mexaniki Çelman bayırda durub, pəncərənin deşiyindən gözünü Pavluşaya zilləmişdi. O, hər gündə olduğu kimi, yenə də Pavluşanın kimlərlə danışdığını öyrənmək istəyirdi. Çelman emalatxana müdirinə bu barədə raport vermək üçün Pavluşanın kimlə danışdığını cib dəftərçəsinə yazdı, yenə də gözünü Pavluşaya çevirdi. O, öz dəftərçəsinə bu sözləri yazdı: «Özü çox dikbaş və söz götürməyən bir adamdır; dili çox acıdır. Lakin nədənsə bütün fəhlələr onu sevir, fəhlələr arasında bir sözü iki deyil. Bu gün nahar yeməyində, işə başlamadan qabaq, yenə də Ayrapet, Əsgər, Məmməd və Vasya onun başına toplaşmışdılar. Pıçıldaşırdılar, sözləri də şübhəli sözlərə oxşayırdı — oğru və şübhəli adamlar kimi danışırdılar. Mənə qalırsa, bu dəstəni dağıtmaq lazımdır, çünki onlar emalatxananı zəhərləmişlər». Sonra Çelman emalatxanaya girdi, Pavluşaya yanaşıb dedi: – Mənim gözümün içinə yaxşı bax! Bura emalatxanadır, gizlin söhbət yeri deyildir. Sən birkərəlik bilməlisən ki, yüz sənin kimi dəmirçinin hesabını bir dəqiqədə verib yola salaram; bununla zavodun bir tükü də əskik olmaz. Sən bilməlisən ki, Nobel şirkətinin zavodları içərisində Qaraşəhərdəki zavod birinci intizamlı zavodlardandır. Bu intizam mənim işə diqqətlə baxmağımın nəticəsidir. Burada Çelman kimi mexanik var. Bildin? Yaxşı eşit, mənə Çelman deyərlər!.. Çelman çox uzun danışdı. Pavluşa ona heç əhəmiyyət vermədi. Qıpqırmızı dəmiri kürədən ağır maşa ilə götürüb zindanın üstünə qoydu, ağır çəkiclə vura-vura dedi: – Səni tanıyıram, sən də məni tanıyırsan. Mənə də Qaraşəhərdə dəmirçi Pavluşa deyərlər! Sən Nobelin Qaraşəhərdəki zavodunda məşhur bir mexaniksən, mən də bütün Bakı zavodlarında Pavluşa adilə məşhur bir dəmirçiyəm. Bütün Bakıda Pavluşa bir nəfərdir! Mən də sənə məsləhət görürəm ki, məni öyrənmək üçün öz üzərində bir qədər çalış. Hər gün mənə göz qoyursan, bununla belə yenə də mənim barəmdə savadsızsan. Pavluşa barmağı ilə alnının tərini sildi; tər damlaları qırmızı dəmirin üstünə tökülüb buxar oldu; sonra çox soyuqqanlılıqla dəmiri yenə kürəyə qoydu, öküz dili kimi qıpqırmızı qızarmış ikinci dəmiri götürdü, döyüb düzəltməyə başladı. Zavodda olanların hamısı Çelmanla Pavluşanın arasında gedən mübahisənin nəticəsini gözləyirdi; bir çoxları işini tamamilə dayandırıb həyəcanla onlara baxırdı. Çelman, qəfildən daş dəymiş bir köpək kimi açıqlanmışdı. Pavluşa kimi sadə bir dəmirçidən bu cür sərt sözlər eşidəcəyinə heç inana bilmirdi; lap yaxına gəlib, Pavluşaya bəzi sözlər demək istəyirdi, lakin Pavluşanın vurduğu ağır çəkicin zərbindən qırmızı dəmirdən qopan odlu pərəklər, qızıl qanadlı kəpənəklər kimi ətrafa uçuşur, onun yaxın gəlməsinə mane olurdu. O, uzaqdan Pavluşaya dedi: – Ey, sənə deyirəm, əlini saxla! Pavluşa dəmiri yenidən kürəyə atdı, silkələnərək, üstündən dəmir qurumlarını tökdü, tərini silə-silə: – İndi buyurun, — dedi, — qulaq asıram. Çelman əlini belinə vurub, gözlərini qıydı: – Özünə çox da güvənmə, — dedi, — səni bayıra atanda səni tanıyanların heç birisi gəlib deyə bilməz ki: «cənab Çelman, biz Pavluşanı tanıyırıq, qoyun öz yerində işləsin». Belə bir sözü deyən olsa da, mən ona deyərəm: — Sən də tanıdığın Pavluşa ilə cəhənnəm ol! Sən bu ilin hansı il olduğunu bilirsənmi? – Çox gözəl bilirəm — 1897-ci ildir. – İndi ki, bilirsən, öz haqq-hesabını bundan apara bilərsən! Görürsən ki, Kazandan başlamış Həştərxana kimi bütün Volqaboyunun əhalisi Volqa ilə axıb Bakıya gəlir. Onların içində yüzlərlə dəmirçi vardır ki, sən onların bir dırnağı da ola bilməzsən. Sən görürsən ki, gündə əlli nəfər rus, tatar, həmşəri iş üçün gəlib ayaqlarımdan öpür. Bu sözlər Pavluşanı çox açıqlandırdı. O, körüyün yanından maxorka qutusunu götürdü, bir parça qəzet kağızını lülələyib maxorkanı içinə doldurdu, maşa ilə kürədən bir od götürüb maxorkanı alışdırdı. Çelmanın cavabını verdi: – Mən sənin ayağını öpən adamlardan deyiləm, səninlə də işim yoxdur. Sənin mənə qarşı olan bu hərəkətinə heç bir mə'na verə bilmirəm. Çelman bir Kuşnaryov papirosu yandırıb dişinə aldı: – Sən bura gələnə qədər bir nəfər də olsa müdirin yanına şikayətə getməmişdi; nə məndən, nə də öz yaşayışından şikayət edən vardı. Mənə de görüm, niyə sən həmşəriləri, yerliləri öyrədib sahibkarların yanına göndərirsən? Sən rus, onlar müsəlman. Sən həqiqi bir pravoslavnı, onlar — maqometan. Sən bura gəlməmişdən qabaq onlar qoyun kimi başını aşağı salıb otlayırdılar; indi sənin nadincliyin nəticəsində onlar da başını qaldırıb, iş saatları və maaş məsələlərini danışırlar. Pavluşa dedi: – Mən heç kəsi öyrətmirəm. İndiyə qədər qoyun kimi başını aşağı salıb işləyən, şikayətə getməyən fəhlələrin indi şikayət etmələri çox da təəccüblü bir şey deyildir. Bunun iki səbəbi vardır: birincisi budur ki, «qoyunların» düşüncəsi dəyişir, onlar da adam kimi yaşamaq istəyirlər, ikincisi də iş şəraitinin ağırlaşmasıdır. İş o qədər ağırlaşmış, yaşayış o qədər çətinləşmişdir ki, «qoyunlar» da onu hiss edirlər. Burada Pavluşa və ya başqaları təqsirkar deyildir. Onların tatar, mənim pravoslavnı olduğuma gəldikdə, sənin bu fikrin sağlam, mədəni fikir deyildir. Bu fikrin haradan göyərdiyini, başqaları bilməsə də, mən yaxşı bilirəm. Burada işləyənlər hansı dildə danışsalar da, hansı dindən olsalar da, yaşayış ağırlığını daşımaqda birdirlər, qardaşdırlar. Çelman gülümsünərək: – Belə ha... İndi məsələ aydındır! — dedi. — Sənin axşama kimi burun-buruna verib danışdığın söhbətlər bundan ibarətdir. Buna mənim şahidim də vardır. Bu arada zavod müdiri içəri girdi. Çelman müdiri görcək: – Budur, cənab müdirin özü də təşrif gətirdi, — dedi. — Müdir cənabları məndən iş tələb edir, mən də sizdən iş tələb etməliyəm. Bəs sən nə edirsən? Zavod fəhlələrini öyrədib şikayətə göndərirsən. Özün dikbaş, nadinc bir adamsan, başqalarını da özün kimi etmək istəyirsən. Müdir Çelmanın əlini sıxdı, gümüş papiros qutusunu çıxarıb, Çelmana papiros təklif etdi, Çelman tələsik kibrit çəkib müdirin papirosunu yandırdı, sonra müdir Pavluşaya yanaşıb: – Hər kəsə iş lazımdır, — dedi, — hər kəs aldığı maaşın müqabilində işləməyə və on saatı səmərəli bir surətdə keçirməyə məcburdur. Siz fəhlələr hərgah müəssisələrin zərər verdiyini, mərkəzdən iş saatlarının artırılmasına və maaşların 10 faiz azaldılmasına dair gələn əmrnamələri və mənim sizin həyatınızı nəzərə alaraq buna etiraz etdiyimi bilsəydiniz, zənnimcə, belə məsələlərin heç birisinə imkan verməzdiniz. Sənin qabiliyyətin və zəhmətə yararlılığın barəsində heç bir danışıq ola bilməz. Lakin xasiyyətin səmərəli zəhmətə mane olur. Xasiyyətin də zəhmətin kimi olsaydı, ölünçəyə qədər Nobel qardaşlarının müəssisələrindən bayıra atılmazdın. Təəssüf olsun ki, sən buradan qovulmağa, hətta həqarətlə qovulmağa, həmişəlik işə götürülməmək şərtilə qovulmağa tələsirsən. Pavluşa əlini alnına çəkdi, tər qızarmış dəmirin üstünə tökülərək çızıldadı. Sonra o, əlini belinə qoyub, özünü məğrur bir surətdə düzəltdi, həm mexanikin, həm də müdirin üzünə diqqətlə baxdı. Bütün işləyənlər əlini işdən çəkmişdi. Nə çəkiclərin səsi, nə körüklərin gurultusu eşidilirdi. Hamı əlində maşası durub söhbətin nəticəsini gözləyirdi. Pavluşa sözünü qısa dedi: – Mən sözümü heç bir vaxt dəyişə bilmərəm, dəyişmək də istəmirəm; bir kəslə də işim yoxdur. Mən çox təəssüf edirəm ki, siz şikayətlərin səbəbini gizlətmək üçün başqalarını müqəssir göstərməyə çalışırsınız, halbuki şikayətlərin hamısına siz özünüz səbəb olursunuz. Hərgah fəhlələrin yatmağa yeri yoxdursa, o sizin yanınıza gəlib ev istəyirsə, buna kim müqəssirdir? Hərgah fəhlə üzünü yumağa su tapmırsa, əlüzyuyan istəyirsə, bunun təqsiri kimdədir? Fəhlə xəstələndiyi vaxt eşiyə atılıb divar dibində can verirsə, başqaları bunu görüb şikayətlənirsə, bunun səbəbi kimdir? Hərgah fəhlə on saat işlədiyinə müqabil qarın dolusu çörək yeyə bilmirsə, buna görə də şikayətlənirsə, buna Pavluşa nə eləsin?! Hərgah mexanik Çelman gündə yüz kərə fəhlənin anasına, atasına söyürsə, onun izzəti-nəfsinə, şərəfinə toxunursa, iranlıları, Volqa tatarlarını yumruq ilə vurursa, buna müqəssir kimdir? Mənə qalırsa mən fəhlələrin müdir yanına şikayətə getmələrinə razı deyiləm, çünki şikayətlə vəziyyət dəyişmir. Müdir bu sözlərdən çox açıqlandı. Pavluşanın üzünə tüpürməkdən qorxduğu üçün papirosunun ucunu hirslə çeynəyib qırağa tüpürdü. Çelman bu vəziyyətdən istifadə edərək dedi: – Emalatxananı idarə etmək mümkün deyildir. Hamını o öz əlinə almışdır. Bir baxın, hamı əlini işdən çəkmişdir. Görürsünüz, Ayrapet, Əsgər, hətta quzu kimi olan Məmməd belə qulaqlarını şəkləyib Pavluşanın sözünə qulaq asır. Bu halda Əsgər onlara yanaşdı, Çelman Əsgəri müdirə göstərib dedi: – Budur, üzünə deyirəm, çox gözəl dəmirçidir. Sadə, yumşaq bir müsəlman idi, indi isə evi yıxılıbdır. Pavluşanın başında olanların hamısını öz başında yerləşdirmişdir. Bir Əsgər deyil, burada olan ermənilərin və müsəlmanların hamısı zəhərlənmişdir. Hələ o, Ayrapetin şagirdi Heybətə bax! Bu uşaq da lazım olmayan sözləri danışır. Müdir çox durmadı, gedərkən üzünü emalatxanada olanlara tutub dedi: – Mən sizə ehtiyatlı olmağı məsləhət görürəm. Əsgər və Pavluşanın fikri sizi əyri yola çəkə bilər. Bu fikirlərin üstündə mərkəzi Rusiyadan, Yaroslavl və sair yerlərdən yüzlərcə adamı Bakıya köçürüblər. Yazığsınız, öz arvad-uşağınızın qeydinə qalın, sizin yerinizə yüzlərlə müştəri vardır. Əsgər müdiri dayandırıb dedi: – Çelman bizimlə bir mexanik kimi danışsa idi, o gərək əvvəlcə bizim öz vəzifəmizi layiqincə yerinə yetirdiyimizi deyəydi. Yox, hərgah o bizimlə xəfiyyə kimi rəftar edirsə, yenə də özünü bir xəfiyyə kimi aparmalı, öz ağasına yalan məlumat verməməlidir. Biz heç kəsi öyrədib müdir yanına şikayətə göndərməmişik. Bizim yerimizi yüzlərlə müştərinin gözlədiyinə gəldikdə — burası doğrudur. Biz çox yaxşı bilirik ki, bədbəxt və ac fəhlələr bir qarın çörəkdən ötrü qapı-qapı dolaşırlar. Hərgah Çelman bundan sevinirsə, buna görə də on saatlıq iş günü onu razı sala bilmirsə, onu açıqcasına deməlidir. Bizim fəhlələrlə əlaqəmizə gəldikdə, müdir cənablarına sual verirəm: bu əlaqəni qırmaq mümkündürmü? Yox! Çünki bu damın altında işləyənlərin hamısı bir cürə söyülüb-döyülür, çətinlik çəkir, aclıq çəkir. Hamısı bir cür bədbəxtdir, hamısının halı birdir! Çelmanın və müdirin tərəfində duran Külbala ilə Qurban irəli yeridilər, Əsgərin yaxasından tutub geri çəkdilər. Külbala dedi: – Adam başından yekə danışmaz! Allah xozeyinlərə ömür versin. Sənə deyirəm ki, düz get yerində otur! Bizim başımızı müdirin yanında aşağı eləmə. Yoxsa, sənin başını elə aşağı elərəm ki, bir də adam içinə çıxa bilməzsən! Ayrapetin şagirdi gənc Heybət sakitcə baxırdı. Ustası onun işə qarışmasına mane olurdu. Külbalanın sözü ona çox ağır gəldi. İrəli keçib, Əsgərlə Külbala və Qurbanın arasında durdu. – Hər kəsin əlindən nə gəlir, Əsgərə eləməsə, itdən də pisdir! Yaltaqlar! Sizə deyirəm, gözünüzü yaxşı açın! Bu adamlar sizin üçün balqabaq-zad deyil. Əsgərin gözünü puflayanın xəşilini çıxardaram. Emalatxanadan ümumi bir səs ucaldı: – Heybət, Allah səni bizə çox görməsin! Bu halda Ayrapet gəlib Heybətin qolundan tutdu: – Gəl işinə, bunlara baş qoşma! Onların işləri məlumdur. Emalatxanada böyük bir qalmaqal qalxdı. Sahibkar tərəfdarları ilə Pavluşa, Əsgər, Heybət və Vasya tərəfdarları iki tərəfə ayrıldılar. Müdir açıqlı halda emalatxanadan çıxıb getdi, Çelman isə fəhlələrdən uzaqlaşıb qapının ağzında durdu və dedi: – Sizin dilinizi kəsəcəyəm. Mənim bir fikrim vardır ki, o da çörəyi layiqli adama verməkdir. Siz yaramaz adamlarsınız, çörək sizə haramdır. Mən xəfiyyə deyiləm, maaş aldığım üçün sahibkarın mənfəətini gözləyirəm. Sizin səbəbinizə, İrandan bir parça çörək üçün Bakıya gələnlər də çölə atılacaqlar. Sizi Yaroslavl, İvanovo-Voznesenski fəhlələri kimi küçələrə atmasam, vətən avarası salmasam, bu ad mənə qənim olsun! Yaşadığımız yer İranın qonşuluğundadır. Bura ac, möhtac, mədəniyyətsiz Şərqin qapısıdır. Bu gün sifariş verərsən, bütün gününü bir girvənkə çörəyə satmaq istəyən minlərlə İran kəndlisi, qoyun sürüsü kimi Bakıya tökülər. Onlar nə iş saatı, nə maaş az-çoxluğu, nə zəhmət şəraiti anlayan adamlardır. Onlar gün çıxmamış işə gələr, gecə də işdən gedərlər. * * * Bazar günü idi. Fəhlələri istirahət günündə ulduzlar batmadan yuxudan qaldıran zavod fitlərinin səsi gəlmirdi. Günəşin qırmızı üzünə qara pərdələr çəkən tüstü görünmürdü. Yüksəkliklərə, mavi göylərə doğru boylanan bacalar Qaraşəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. Pavluşa, Əsgər və Ayrapet Məmmədi axtarıb tapdılar. Danışmaq üçün salamat bir yer axtarmağa başladılar. Hərəsi bir yer göstərirdi: birisi Bayıla getməyi, o birisi Keşlə tərəflərinə gedib dərələrin birində oturub danışmağı məsləhət görürdü. Axırda Pavluşa dedi: – Məndə bir az pul vardır, özüm də bir yaxşı yer bilirəm, ora gedə bilərik. Orada bizə heç kəs mane ola bilməz. Biz lazımı sözləri ancaq orada danışa bilərik. Ora meyxanadır, hər bir pullu adamın ora girməyə haqqı vardır. Orada danışılan bəzi zərərli sözlərə də «keflidir» deyə əhəmiyyət verən olmaz. Meyxananın bir xüsusiyyəti də budur ki, orada hər kəs danışır, bir-birini eşidən çox az olur. Buna görə də biz orada həm danışar, həm də eşidərik. Əziz yoldaşlar, hələlik fəhlələr üçün azad bir yer ancaq meyxanalardır; hər halda burada bir-iki saat otura bilərik. Ayrapet dedi: – Elədir ki, var! Gedək. Ancaq işin eybi burasındadır ki, nə mən, nə də Əsgər içənik. Mən vərəmliyəm, bir rumka içmək mənim ömrümdən bir il azaldır, Əsgər də ki, içməyi sevmir, qoy içməsin də. Sahibkarlar bəzən bizim kefli olmağımızdan da istifadə edirlər. Yoldaşlar, biz bacardıqca ayıq olmağa çalışmalıyıq! Pavluşa onun çiyninə vurub: – Elədir, Ayrapet, — dedi, — ancaq bağrım çatlayır. Əsəbiləşmişəm. Dünən Çelmanla dəyişəndən bəri qanım yaman qaralıb... Eybi nədir, siz içməsəniz də olar. Qabağınıza qoyulan piyalələri də götürüb sağlığınıza içərəm. Hamısı razı oldu. Məmməd dayanıb durdu. – Mən ki içəri girməyəcəyəm, — dedi, — Doğrudur, mən içməyəcəyəm, ancaq sən buna məştağalıları inandıra bilərsənmi? Dağılmışın yarısı molla, yarısı da seyiddir. Bir nəfər ağzıköyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilərəmmi? Bu sözləri Ayrapet də təsdiq etdi. Məmməd onlarla vidalaşıb getdi. Ayrapet, Pavluşa və Əsgər yolun sağ tərəfindəki meyxanaya yaxınlaşdıqda, oradan cürbəcür səslər eşidilirdi: – Eh! Cəhənnəmə, kora... – Yaşamaq və unutmamaq! – Murdar həyat! – Acından məhv olacağıq! – İt kökündəyik! – Həyat bundan ibarətdirsə, bir zibil deyil! – Mən sabah onun anasını ağladaram! – Adam hövsələdən çıxır. – Birisini də ver! Hələ dünyanı unutmamışam. – Yeməyə bir şey də yoxdur! Oxumaq səsləri də gəlirdi: «Ax bilmirəm bu gecə nə üçün xoş keçdi, İqbal, iqbal mənim iqbalım...» – Onunla ki, mübarizə mümkün deyildir. – Gözəl Nataşa, sən mənim sevgimdən də gözəlsən. Sənin ürəyində yer tutduğumu bilirəm. Lakin sənin ürəyindəkilərdən xəbərim yoxdur. Onlar hələ meyxanaya girmədən, Əsgər Pavluşaya tapşırdı: – Sərxoş olmamalıyıq ha! Pavluşa bu sözə qarşı dedi: – İçəri gir, yoldaş! Biz heç birimiz sərxoşluğu sevən deyilik. Biz sərxoş olsaydıq, müdir də, mexanik də bizdən razı qalardılar. Stol başında oturmaq ixtiyarını almaq üçün, dodaqlarımızı yaşlamalıyıq. Uzun bığlı qorodovoy meyxananın qapısında sağa-sola gəzişirdi. Onlar içəri girdilər, tanış adam çox idi; onları görən kimi bir ağızdan səsləndilər: – Ba, biz kimləri görürük?! – Gəlin, bir az dünyanı unudaq! – Qardaşlar, gəlin başları tazalayaq! – Eh, Pavluşa, içmək lazımdır!.. – Əsgər, mən ölüm bircə rumka!.. Onlar heç kəsin dəvətini qəbul etmədilər. Qışdan bəri yığışdırılmamış peçin dalında qoyulan dörd nəfərlik kiçik bir stolun ətrafında yerləşdilər. Pavluşa: – Bura daha yaxşıdır, — dedi. — O biri stollardan uzaqdır. Bizim üçün çox əlverişlidir. Nə qədər danışırsan, danış, səni heç kəs eşitməyəcək. Çox içmədilər. Pavluşa əlindəki şərabdan bir neçə damcı ağzına alıb qədəhi stolun üstünə qoydu, Əsgərə dedi: – Əsgər, bura yaxşı bax. Bu meyxana yuxarı təbəqə üçün deyil. Bura ailəsinin boğazından kəsdiyi on qəpiyini içmək istəyən biz fəhlələr üçündür. Görürsən ki, stolların üzü də bizim köynəyimizdən təmiz deyildir. Buradakıların da hamısı bir-birinə oxşayır. Hamının əynində göy bez köynək var. Kürəkləri də tərdən və hisdən qapqara qaralmışdır. Stolların dalında oturanlara yaxşı baxın, həmin stəkanları qamarlayan barmaqları da nəzərdən keçirin. O barmaqların hamısı bir-birinə oxşayan kələ-kötür barmaqlardır. Zavod və mədənlərin qara hisləri içərisində bəslənmiş dağınıq və müxtəlif rəngli saçlara da baxın. Dəri və damarlardan ibarət boyunlara da tamaşa edin. Onlar mühitin bütün ağırlığını öz üzərlərində daşıyır, əsrin bütün həqarətinə dözürlər. Burada oturanlar bizim yoldaşlarımızdırlar. Biz bir-birimizlə hələlik meyxanalarda görüşə bilərik, çünki bizi başqa yerə buraxmırlar. Əsgər bu sözləri çox diqqətlə dinləyirdi. Pavluşanın nə demək istədiyini hələ anlaya bilmirdi. Ayrapet Pavluşanı anlayırdı. O, öz xəstəliyinə baxmayaraq qabağındakı qədəhi boşaltdı, boşqabdakı qara çörək qırığını alıb iylədi, yenə boşqaba qoydu və dedi: – Pavluşa, mən onları çox yaxşı görürəm, sənin nə demək istədiyini də lazımınca anlayıram! Bu sözdən sonra, Pavluşanın gözləri canlandı, qabağındakı qədəhi bir daha dodaqlarına qaldırıb yerə qoydu. Alnına düşən bir dəstə sarı hisli saçını yuxarı atıb dedi: – İndi ki, sən məni anlayırsan, buradakıları tanıyırsan, onda bu adamları meyxanalara sürükləyən səbəbləri təyin etməli və onunla da mübarizə aparmalısan! Ayrapet onun sözünü kəsib: – Doğrudur, — dedi, — ancaq mübarizə yolları təyin edilmədikcə, kimin-kimə qarşı qoyulduğu aydın olmadıqca, o səbəblərlə mübarizə aparmaq barəsində danışmaq olmaz. Pavluşa bu sözlərlə razılaşmadı; – Onu biz özümüz müəyyən etməliyik, — dedi. — Mən sənə məsləhət görürəm ki, bu fikrini fəhlələrin arasında heç söyləmə. Əziz yoldaşım, kimin-kimə qarşı qoyulduğu çoxdan təyin edilmişdir. Sən dünənki ixtilafda kimin-kimə qarşı durduğunu görmədinmi? Sən o kiçik ixtilafda iki dünyanın baş-başa durduğunu gördüyün halda, yenə də kimin-kimə qarşı durduğunu təyin etmək istəyirsən? Ayrapet cavab vermək istədi, lakin vərəm öskürəyi ona danışmağa macal vermədi. Əsgər Pavluşaya belə bir sual verdi: – Tutaq ki, sən deyənlərin hamısı doğrudur. Ancaq bizim əlimizdən nə gəlir? Qaraşəhərdə bir ovuc adamıq, sən, mən, Ayrapet, Məmməd, Qəzər, beş nəfər də bizdən başqa... De görüm, biz bunlarla nə iş görə bilərik? Pavluşa əlini Əsgərin çiyninə vurub: – Afərin, Əsgər, — dedi, — söhbəti gətirib əsil məsələyə çıxartdıq. Mənim də dediyim budur ki, biz beş-on nəfərdən ibarət qalmayaq. Biz, fəhlələri başa salıb, onların düşüncəsini dəyişək, qorxaqlığı onların qanından təmizləyək, öz dəstəmizi gücləndirək. Hərgah Qaraşəhərdə on nəfər varsa, Ağşəhərdə, Balaxanıda, Sabunçuda, Bayılda, Bibiheybətdə olan fəhlələr içərisindən də özümüzə dostlar, həmfikirlər tapaq. Burada olduğu kimi oralarda da biz fikirdə olanlar var. Kim bilir, bəlkə orada elə yoldaşlar vardır ki, bizi öyrədəcək, bizə yol göstərə biləcəkdir... Həyatın quruluşundakı çətinliyi, istismarın son dərəcəyə çatdığını, zəhmət şəraitinin qabalığını, fəhlənin rütubətli zirzəmilərdəki fəryadını bizdən başqa da hiss edənlər vardır; onları tapmaq, tanış olmaq, dərdləşmək lazımdır. Mən istəyirəm ki, meyxanalarda öz dərdini şərab şüşələrinə deyən fəhlələr bundan sonra öz dərdlərini yoldaşlarına desinlər, öz dərdlərinə birlikdə dərman axtarsınlar. Fəhlələr öz sözlərini meyxanalarda oturub danışmaqdansa, ayıq və şüurlu bir surətdə sahibkarlara və müdirlərə desinlər. Sərxoş olmaq və bunun təsirində ürəyindəkiləri ortalığa tullamaq üsulu, mübarizə üsulu deyildir. Əsgər birdən ayağa qalxdı. Əllərini şalvarının qayışına salıb yuxarı qaldırdı, yenə yerində oturdu. Pavluşa sözünə davam etdi: – Biz, fəhlələri bir yerə yığmalıyıq, dərdimizi bir-birimizə başqa bir üsulla deməliyik. Biz fəhlələrin dilini və zehnini dəyişdirməyə çalışmalıyıq, onu sahibkara qarşı qoymalıyıq. İstismarı yüngülləşdirmək üçün beş-on nəfərin çıxışı kifayət deyil. Burada ümumi və kütləvi tələblər vermək lazımdır. Biz bakılılar çox dalda qalmışıq. Bu məsələlər, bizim qulağımızın dibində olan Tiflisdə hələ 90-cı illərin birinci yarısından başlanmışdır. Bizim nədən xəbərimiz vardır? Hərgah xəbərimiz varsa da, bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirik. Hələ 1893-cü ildən başlayaraq Tiflisdə «Kvali», «Moambe» adlı qəzetlər çıxır. Orada fəhlələr arasında açıqdan-açığa marksizm təbliğatı aparılır. Mübarizə yolunda lazım olacaq silahlar təyin edilmişdir. Məndə bir neçə gizli kitab vardır; istəsəniz, mən onları sizə oxuya da bilərəm. Onları oxumuş olsanız, onda görərsiniz ki, biz də burada iş görə bilərik, biz də fəhlənin fikrini bir mərkəzə yığa bilərik. Əsgər qalxıb əlini Pavluşanın çiyninə qoydu: – Mən bu sözləri səndən çoxdan gözləyirdim. Pavluşaya sanki yeni bir ruh verildi: – Mən də səndən bunu gözləyirdim. Bizim əsas işimiz yerli azərbaycanlı və iranlı fəhlələri başa salmaqdan ibarətdir. Çünki onlar rus və erməni fəhlələrinə nisbətən geridədirlər. Onları sahibkar çox tezliklə öz tərəfinə çəkə bilər. Onlar bilməyərək bəzən öz sinfini satır da. Bu söhbətlər əsnasında Mantaşev, Nobel və Rotşild fəhlələri də meyxanaya girdilər. Öpüşmək, görüşmək, içmək və oxumaq başlandı. Son qəpiklər stolların üstünə töküldü, meyxanaçı Nikonun gözləri işıqlandı. Dəmirçilərdən Belousov Pavluşanı səslədi: – Pavluşa, meyxanada ayıq oturmaq, kilsəyə sərxoş girməkdən də günahdır. Pavluşa gülərək dedi: – Meyxanaya ayıq gəlib, sərxoş çıxanlarla, kilsəyə ağıllı girib, axmaq çıxanların təfavütü nədir? Bu sözə qarşı, oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. Pavluşa yenə əsas məsələyə keçdi: – Mənim dediyim budur ki, bizi tək-tək çox tez döyə bilərlər. Sahibkarlar, ümumi ağızdan çıxan sözləri heç vaxt cavabsız qoya bilməz. Hər nə cür olur-olsun biz gərək yoldaşlarla tanış olaq. Ayrapetlə Əsgər birdən dedi: – Biz bu birliyi yarada bilsək, başqa yoldaşlarla tanış olmağı bacarsaq, daha nəyimiz əskik olar? Pavluşa soruşdu: – Siz bunu istəyirsinizmi? – Əlbəttə ki, istəyirik! Pavluşa: – Elə isə qalxın! — dedi. — Mən sizi bir yerə aparacağam, orada bir neçə yoldaşla tanış olacaqsınız. Bu saat onlar bizim yolumuzu gözləyirlər. Meyxanaçının pulunu verib qalxdılar. İclas çox da uzaqda deyildi. İclasdakılar Pavluşanı və onun yoldaşlarını böyük bir şadlıqla qarşıladılar. Hamısı Pavluşanın yoldaşları ilə tanış oldu. İclasda Ulyanov, Loriyanov, Konişfe, Mazilkin və başqaları iştirak edirdilər. Pavluşanın yoldaşları və iclasda olanların bir neçəsi bu iclasın nə iclas olduğunu və burada nə məsələ qoyulduğunu bilmirdi; kimin çıxışda bulunacağı da məlum deyildi. Pavluşa: – Yoldaşlar! Biz birinci kərədir ki, «yoldaşlar» sözünü ucadan deyə bilirik! Vəziyyət və fəhlələrin həyat şəraiti bizi birliyə dəvət edir. 1897-ci il bizim həyat tariximizdə ən ağır və çətin illərdən birisidir. Polşada, Rusiyada baş verən tətil, bunun nəticəsində vücuda gələn sürkünlər, güllələrbaranlar, Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. İşsizlik gündən-günə artır, mərkəzi Rusiyadan, Volqaboyundan gələn minlərlə fəhlələr qapı-qapı gəzib iş axtarır. Bu isə Bakı neft ağalarına maaşları azaltmaq, iş saatlarını artırmaq üçün bəhanə yaradır. Aclıqdan, işsizlikdən avara düşmüş fəhlələr hər bir ağır şəraitə, hər bir çəkilməz həqarətə boyun əyirlər. Burada oturanların hamısı yuxarıda göstərdiyim ağırlığı öz çiynində daşıyır, başqa yoldaşların vəziyyəti ilə də yaxından tanışdır. Yoldaşlar! Bu ağırlığı hiss etdiyimiz halda, zəhmət şəraiti insan qüvvəsinin daşıya bilməyəcəyi bir şərait olduğunu anladığımız halda, yenə də bir tərəfə şikayətə gedə bilmirik, çünki səsimiz ümumi səs deyildir, kütlə bir-birini tanımır, hətta onlar bir-birinə etibar da etmir, buna görə, burjuaziya da qurd kimi bizim hər birimizi bir bucaqda basıb dağıdır. Fəhlələr dərdini bir-birinə yetirə bilmirlər, çünki təşkilatsızdırlar, siyasi düşüncələri azdır. Fəhlələr bir-birləri ilə yalnız meyxanalarda danışa bilirlər. Onlar son qəpiklərini meyxanada xərcləyirlər, ehtiyac içərisində qalan ailələri isə cürbəcür səfalətə düşür. Yoldaşlar! Bu vəziyyətin nəticəsində də bizim oğlanlarımızdan kölələr, qızlarımızdan isə burjuy evlərinə xidmətçilər, fahişəxanalara fahişələr, canlı əmtəələr hazırlanır. Çelman kimi minlərlə xəfiyyə bizim təşkilatsızlığımızdan istifadə edir, öz dəyanətini yeridir. Biz gərək fəhlələr arasında birlik yaratmaq üçün Tiflisdəki yoldaşların getdiyi yol ilə gedək. Tiflisdə düzələn sosial-demokrat siyasi dərnəkləri indiyə qədər burada düzəlməmişdir. Halbuki burada da mərkəzi Rusiyadan sürgün edilmiş siyasi bilikli yoldaşlar vardır. Biz Tiflislə də əlaqə saxlaya bilərik. Oradan gizli ədəbiyyat gətirmək də mümkündür. Yoldaşlar, mən belə hesab edirəm ki, buraya toplanan yoldaşlar bizim təşkil edəcəyimiz dərnəyin birinci üzvləri hesab ediləcəklər. Biz bu gündən Tiflisə müraciət etməli, onlarla əlaqəyə girişməli, Bakıda birinci olaraq siyasi dərnəyin əsasını qoymalıyıq. Buna kim razıdır? İclasda olanların hamısı əlini qaldırdı. Sonra Əsgər iclasda olanların adını və familiyasını yazdı. * * * Gizli ədəbiyyat Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər. Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb: – Siz buradan itilib gedəcəksinizmi?! — deyə onları söydü. Saat onun yarısında yoldaşların gəldiyini uzaqdan görən kimi onlar tindən ayrıldılar. Qorodovoyun yanında bir yerə yığışmağı Pavluşa məsləhət görmədi. Hara getmək, kimlə danışmaq, ədəbiyyatı kimdən almaq məsələsini ancaq Pavluşa bilirdi. Əsgər soruşdu: – Pavluşa, biz bu gedişlə hara gedirik? – Biz buradan düz «Kaspi» mətbəəsinə getməliyik, Orada Kozerenko yoldaşı görəcəyik. – O, Tiflisdənmi gəlmişdir? – Yox! Biz ancaq onun vasitəsi ilə Tiflisdən gələn yoldaşlarla tanış ola biləcəyik. – Dördümüzün birlikdə ora getməyimiz bir şübhə oyatmazmı? – Əlbəttə, oyadar! Siz burada duracağsınız. Mən içəri girib yoldaşı görəcəyəm. O, məsləhət görsə, sizi də içəri çağıracağam. Bəlkə də ayrı bir yerdə görüşməli olacağıq. Pavluşa içəri girdi. Hələ iş otaqlarına girmədən onun qarşısına yoğun bığlı, şişman qarınlı, donbalan gözlü bir müsəlman çıxdı. Pavluşanı ayaqdan başa qədər gözdən keçirib soruşdu: – Sən kimi axtarırsan, qəşəng oğlan? Pavluşaya «qəşəng oğlan» sözü çox qəribə gəldi. O, bir neçə saniyə durub onun üzünə baxdı və: – Siz burada nəçisiniz? — deyə soruşdu. – Mən bu mətbəənin müdiriyəm. Hərgah iş istəyirsənsə, burada maşın təmizləmək üçün adam lazımdır. – Yox, mənə iş lazım deyil, ancaq zəhmət çəkib mənə deyiniz, Kozerenko burada çalışırmı? – Bəli, çalışır. – Hansı şöbədə? – Neft şöbəsində. – Onu görmək olarmı? – Xeyr! Onu ancaq saat dörddə görmək olar. Çünki neft və birja xəbərləri ancaq saat dörddən sonra gəlir. – Elə isə əfv ediniz, sizi rahatsız etdim. – Xeyr, xeyr, xoşdur; bu nə sözdür, qəşəng oğlan! Pavluşa çıxıb getmək istədikdə, müdir yenə onu səslədi: – Bəlkə də sən öz sözünü mənə deyə bilərsən. Mən axşam Kozerenko ilə danışaram. Səhər gələrsən, sənə cavabını deyərəm. – Çox razıyam, elə bir söz yoxdur. Yalnız onunla görüşmək istəyirdim. – Axır mənə de görüm, sən nə üçün burada işləmək istəmirsən? – Mənim öz işim var. Başqa iş lazım deyil. Pavluşa müdirin əlindən bir təhər qurtarıb küçəyə çıxdı. Kozerenkonun orada olmadığını yoldaşlarına söylədi. Bir qədər durub məsləhətləşdilər. Axırda Kozerenkonun evinə getmək qərarına gəldilər. Kozerenko evdə idi, lakin Pavluşa və yoldaşları Tiflisdən gələn adamlarla görüşə bilmədilər, onları polis təqib etdiyi üçün bir gün əvvəl Bakıdan getmişdilər. Buna baxmayaraq, Pavluşa və yoldaşları burada bir neçə adamla tanış ola bildilər. Onlar da Benkendorf zavodu mexaniklərindən Kuklayev, Mirzəbekyans tütün fabrikası fəhlələrindən Xatutaşvili, bir də Xaçu idi. Bu görüş Pavluşa və yoldaşları üçün böyük bir müvəffəqiyyət hesab olunurdu, çünki onlara siyasi dərnək işlərini irəli aparmaq üçün bilikli, təcrübəli, savadlı fəhlələr lazım idi. Onlar tanış olduqları adamlara öz fikirlərini söylədilər, vəziyyət haqqında uzun-uzadı söhbət etdikdən sonra bir neçə gizli ədəbiyyat götürüb bayıra çıxdılar. Pavluşa fikirli halda dedi: – Hara gedək? Harada oxuyaq? Siz bilirsiniz ki, mənim mənzilimdə bir iş görmək mümkün deyildir, çünki mənzil yoldaşım Vasya ağzında söz saxlayan adam deyil, min manat verib gizlin bir söz alsa onu yeri gəlirkən üç qəpiyə, özü də nəqd pula yox, nisyəyə satar. Əsgər dedi. – Mənim də mənzilimdə olmaz. Hər dəqiqə əlli adam başını qapıdan içəri uzadır. Ayrapet: – Biz bir yerə gedə bilərdik, — dedi, — ancaq ora qorxuludur. Həftənin üçü, dördü polislər girib axtarış aparırlar, çünki həyətdə daşnaklar vardır. Onların səbəbinə bizim evlərimiz də axtarılır. Məmməd gözlərini qıyıb baxdı, barmağını burnunun ucuna vurub düşünürdü. Xeyli düşündükdən sonra dedi: – Mən sizin necə yer axtardığınızı bilirəm. Sizə elə bir yer lazımdır ki, kitab oxuyasınız. Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. Belə bir yer isə şəhərdə mümkün deyil, küçənin qənbərləri də, damların daşları, kərpicləri də, pəncərələri də jandarm gözünə oxşayır. Biz indi elə bir adamıq ki, öz köynəyimizin yaxasındakı düymələr də bir şeytan gözünə dönüb üzümüzə baxır. Sizi bir yaxşı yerə aparacağam, orada biz rahatca oxuyub mübahisə açarıq. Bəzi yoldaşlarla da tanış olarıq. Pavluşa ona sual verdi: – Yoxsa yenə də sən bizi Maştağaya qonaq aparacaqsan? – Yox, Pavluşa, Maştağaya aparmayacağam, ora getsək sabah işə qayıda bilmərik. – Bəs hara? – Sizi düz aparacağam Sabunçuya. Orada Sergey Vasiliç adlı yaxşı bir tanışım vardır. Qoca fəhlədir, fikri də Pavluşanın fikrinə oxşayır; evi çox xəlvətdir. Sizi onunla tanış edərəm. Onun bir çox tanışları vardır, özləri də Pavluşada olan kağızlardan oxuyan adamlardır. Məmmədin təklifini qəbul etdilər. Ancaq, Sabunçuya gedib-qayıtmaq üçün pulları çatmırdı. Belə qərara gəldilər ki, ya Məmmədlə Pavluşa piyada qayıdar, ya da Sabunçuda tanışlardan borc alıb gələrlər. * * * Telefonnı küçədə konka gözləyənlərin sayı hər günkündən çox idi. Növbə gözləyənlər getdikcə artırdı, buna da səbəb konkaların çox keç-keç gəlməsi idi. Növbədə duranlar müxtəlif təbəqə və siniflərə mənsub adamlardı. Topa-topa durub söhbət edirdilər. Ağ yaxası olduqca çirklənmiş, həsir papağının yanları sökülmüş və söhbətindən şəhər dumasında çalışdığı məlum olan bir qoca rus qara çuxalı, qısa mahud papaqlı, həddindən artıq iri qarınlı bir azərbaycanlı ilə danışırdı. O, cibindən bir qutu çıxarıb bir az burunotu çəkdi, başını yana uzadıb dörd-beş kərə asqırdı, azərbaycanlıya dedi: – İndi yerlərində otururlar! Mən bunu özümdən demirəm. Bunu şəhər qlavasının öz ağzından eşitdim. Mərkəzi Rusiyada və Polşada o ki lazımdır, fəhlələrin qulaqlarını burublar. Daha burada qımıldanmağa qoymazlar. Azərbaycanlı çubuğunu alışdırıb, başını rusun burnunun dibinə uzadaraq soruşdu: – Bu barədə «Kəspi» də bir şey var, ya yox? – Sizə söz deyirəm. Qlavanın dilindən eşitdiyim sözü deyirəm. Tətilçilərdən bir çoxu öldürülüb, 800 nəfər də sürgün olunmuşdur. Azərbaycanlı bu sözləri eşitdikdən sonra dedi: – Mən gərək o haramzada çopur Qədirə tapşıram ki, mənim üçün hər gün «Kəspi»ni oxusun. Hərçənd beş qəpik də az pul deyil, amma adam belə-belə xəbərləri oxuyub öyrənər. Dünən itin birisi atıla-atıla gəlib ki: «Xozeyn, mənim maaşım bir ildir ki, bir yerdə durubdur». Elə bil maaşın təkəri var, ya da uzunqulaqdır ki, gündə yerisin. Rus eynəyini silə-silə dedi: – Elə hallarda çağır ver, pristavın əlinə, tövbə eləsin, bir də «Maaşım bir yerdə durubdur» deməsin. Başqa bir rus çinovniki bir erməni tacirindən soruşdu: – İvanovo-Voznesenskdə iki min nəfərlik fəhlə dəstəsinin güllələbaran edilməsini eşitdinmi? – Xeyr, eşitmədim. Doğrudan da belə bir hadisənin əsli vardırmı? – Əlbəttə var. Oğlum Peterburqda oxuyur. Yazdığı məktub da yanımdadır. Başqa cür söhbətlər də eşidilirdi: – İkisi də adlı çeyildir. Birisi həmşəri balasıdır, adı Kərimdir, o birisi də bəkili balasıdır, Aşurbəyovlardandır. Bu gün onlar atışacaqlar. Allah yaman gözdən saxlasın, gözəl çeyildirlər! Düşmən gözünün neştəridirlər. – Kim bilir, bəlkə də atışma konka yanında başlandığı üçün konduktor atları qoyub qaçıbdır. – Amma əmioğluya bunu da deyim ki, Teymurbəyin atışmasından da keçmə! Hacı Heybətin qəbrinə and olsun, elə ki, pençəyinin qolunu çıxarıb, keçdi dalana, elə bil ki, pençəyin dalısından yağış yağdı. Gülləni elə atırdı... – Konka yenə də yoldan çıxıbdır. Heç inanmıram ki, qaldıra bilsinlər. – At deyillər ki, cənazədirlər! Yaralı-yaralı, elə qoxuyurlar ki, elə bil Poxludərə məhəlləsindən keçirsən. – Bakıda hər şey düzəlsə də, konka məsələsi düzəlməzdir. Şəhər duması üzvləri özləri üçün gəlir yeri tapıblar. – Adam ağzına görə söz danışar! – Xalasının əri şəhər dumasının üzvüdür... – Olanda nə olar? Adamın qollarını daldan bağlaya bilməz ki! – Bağlayıb adamın canını da alarlar! – Ada, keçin bu tərəfə bir danasını — ötürüm onun qarnına... – Qorodovoy! Qorodovoy! Qamçı səsi eşidildi. Konkanın yaxınlaşdığı hiss edilincə, növbəyə duranlar sıralarını düzəltdilər, sevindilər. Nəhayət, atlar uzaqdan göründü. Söhbətlər başqa bir şəkil aldı. – Üstümə sürtüşmə, xaçsız şeytan! – Şeytan ölənlərindir! – Mənfur amşara! – Ağzını o tərəfə tut, itin birisi! – Rədd ol buradan, İsanı dar ağacına çəkənlər! – Tərbiyəli olun! Mən ki sizə əziyyət vermirəm? – Verə də bilməzsən! – Duzlanmış haramzada! – Bir dana qoyaram qulağının dibinə, haramzada sənin özünsən! Dilini dişlərinin dalında saxla, mən sənin üçün həmşəri-zad deyiləm! – Qorodovoy, qorodovoy! Konka gəlib yetişdi. Adamlar milçək ciyərə daraşan kimi konkanın cəmdəyinə daraşdılar. Sağdan, soldan, daldan, qabaqdan sıçrayıb, konkadan düşənlər də var idi. Konka şirkətinin üzvü Hacı Salman yenə də adəti üzrə konduktora nəzarət etmək və onun öz qohumlarını pulsuz mindirməsinə mane olmaq üçün konkanın yanı ilə piyada gedirdi, atlar çəkməyəndə də çiynini konkaya söykəyib kömək edirdi. O, xalqın normadan artıq mindiyini görüncə, çuxasının ətəklərini yığışdırıb yüyürür, konkaya minən kəndlilərin ətəyindən, qılçasından, bəzisinin isə qulağından tutub yerə salırdı. Maştağa kəndlilərindən birisi konkaya qalxarkən Hacı Salman onun ətəyindən tutub yerə atmaq istədi. Kəndli təpiklə Hacı Salmanın döşündən vurub daş döşəmənin üstünə yıxdı. Hacı Salmanın çubuğu bir tərəfə, börkü bir tərəfə, özü də başqa bir tərəfə düşmüşdü. O, yerdən qalxa-qalxa bağırırdı: – Düşün aşağı həyasız oğlanları! Sabahdan başlayıb Bakını mədəniyyətsiz qoyacağam! Konkaları söküb atacağam, atları da güllələyəcəyəm! Biz, Bakı varlıları, sizin kimi vəhşilər üçün mədəniyyət yaradırıq, siz heyvanlar, bu heyvanların qeydinə qalmırsınız. Gündə bir neçə atımız yıxılıb ölür. İstəmirəm sizin beş köpük manatınızı! Düşün aşağı! Arpa, saman şəhərdə ceyran belinə çıxıbdır. At almaqdan, yonca, saman almaqdan mənim... tumanım qalmamışdır. Gündə mənim payıma on beş manat zərər düşür. Hələ yarım saat bundan əvvəl tərlan kimi bir atım yıxılıb öldü. Düşün aşağı! Yoxsa bu gün Bakını xaraba qoyaram! Bu sözlərə əhəmiyyət verən yox idi, çünki onun bu kimi çıxışları birinci kərə deyildi. Camaat bu sözləri hər gün eşidirdi. Hacı Salmanın börkünü silib başına qoydular. Lakin, çubuğunun başı sınmışdı. O, hələ də konka sürəni söyürdü. – Ada, Mazan! Dədən balıqçı Qurbanı qəbirdən çıxarıb yandıraram, sürmə konkanı! Sənə demirəm sürmə?! Haramzada köpək oğlu, bu gün ölən atın pulunu sənin baluşgəndən çıxmasam, getdiyim Məkkə mənə qənim olsun! Hacı Salman konkaya dırmandı. Konka sürən Mazanı döymək istədikdə çuxası ayaqlarına dolaşıb yerə yıxıldı. Mazan konkanı saxlamadı, atları daha da bərk sürdü. Hacı Salman ayağa qalxıb çığırırdı: – Sürmə, köpək oğlu! Saxla!.. Konkaçı konkanı dayandırdı, qamçını konkanın içinə atıb dedi: – Gəl özün sür. Tüpürüm sizə də, sizin konkanıza da! Konkadakılar çığırışmağa başladılar: – Bu nə rüsvayçılıqdır?! – Şəhər duması buna nə vaxt nəhayət verəcəkdir? – Bakı milyonçuları kişi olsaydı, Bakıda tramvay işləməzdimi? – Bütün bu işlər şəhər dumasının işi deyilmi? Bir qəpik qiyməti olmayan adamların əllisi yığışıb konka şirkəti düzəldəndə belə olar!... – Şəhər dumasının özü də bu fırıldaqçılığa şərik deyilmi? Hacı Salman konka sürənin getdiyini görüb, çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı. Konka getdi. Pavluşa öz yoldaşları ilə bərabər bir tərəfdə durub ətrafı gözdən keçirir, Sabunçuya getmək və ədəbiyyatı oxumaq üçün tələsirdi. Onların qulağına boğazı ağlamaqdan tutulmuş bir qızın kədərli səsi gəldi: – Qəbul etmədilər! Bu səs Pavluşanın və yoldaşlarının ürəyinə bir xəncər kimi batdı. Dönüb səs gələn tərəfə baxdılar. İyirmi yaşlarında bir qızın ağladığını gördülər. Qız ucaboylu, sağlam vücudlu, sarı saçlı bir rus qızı idi. Qız həyəcanlı bir səslə sözlərini bir daha təkrar etdi: – Qəbul etmədilər! Ətrafda duranlar buna heç də əhəmiyyət vermirdilər, çünki bu kimi hadisələr Bakı küçələrində birinci dəfə olmurdu. Milyonçular Bakısında acından, yersizlikdən təhqir olunanlara, ağlayanlara gündə bir neçə kərə rast gəlmək olardı. Qızın yanında qoca bir rus fəhləsi durmuşdu. Onun qırışmış alnının dərin cizgiləri Bakı fəhlələri həyatının uzun bir dövrünü ifadə edirdi. Dəri ilə damarlardan ibarət olan kələ-kötür əlləri onun ağır bir istismar pəncəsində boğulduğunu, fəhlə həyatının ən çətin yollarından keçib, gənc ikən qocaldığını, paltarındakı şabalıt rəngli ləkələr isə onun mazut fəhləsi olduğunu göstərirdi. Qoca fəhlə qıza yanaşdı, saçlarını sığallayaraq: – Jeniçka, ağıllı qızım, özünü ələ al, — dedi. — Bu hadisə çox da təəccüb ediləcək bir hadisə deyildir. Biz əvvəldən bunu bilirdik. Bu səs Məmmədə tanış gəldi. O, qoca fəhləyə diqqətlə baxdı, tanıdı. O, Sergey Vasiliç, yanındakı da qızı Jenya idi. – Biz səni harada görmək istəyirik, harada əlimizə düşdün. Bu saat biz sizə getmək istəyirdik. Məmməd Sergey Vasiliçlə Jenyanın əlini sıxdı, Pavluşanı və başqa yoldaşlarını çağırıb onlarla tanış elədi. Sergey Vasiliç bu təsadüfdən olduqca razı qaldı. Birlikdə Sabunçuya getmək qərarına gəldilər. Sergey Vasiliç yenə də qızı Jenyaya dedi: – Qızım, sən özün deyirdin ki, məni gimnaziyaya qəbul etməzlər; sən deyən kimi də oldu, çünki sən və sənin kimi başqaları da gimnaziya xalqına yabançıdırlar. Sənin atan da, familyan da, geydiyin paltarlar da, mənsub olduğun sinif də, düşüncə və fikrin də oradakılara yabançıdır. Biz gimnaziyada toplanmış «yüksək» cəmiyyət üçün bir həqarət vasitəsiyik. Bizi oraya buraxmaq — oradakıları təhqir etmək deməkdir. Əlbəttə, hazırkı hökumət oradakı aristokratiyanın təhqir olunmasına razı olmaz. Qoca fəhlə bu sözləri qızına söylədiyi zaman gülümsədi. Bu gülüş məhrumiyyət qarşısında əyilməyə məcbur olan bir fəhlənin intiqam hissini oxuyan bir gülüş idi. Məmmədin rəngi ağarmışdı. Qıza çox yazığı gəlirdi. – Jenya bacı, — dedi. — səbir elə. Bu işlər adi işdir, gündə gördüyümüz, gündə eşitdiyimiz işlərdəndir. Bizim qulağımız bu cür sözlərə öyrənmişdir. Jenya danışmırdı. Onun aldığı vəziyyət — ağlamasını güclə saxladığını göstərirdi. Qeyri-təbii və sürətlə nəfəs alması və göz bəbəklərinin yaş içində tərpənməsi, dilini çıxarıb qurumuş dodaqlarını islatması onun nə qədər həyəcanlı olduğunu bildirirdi. Bir az sonra o, başının tüklərini düzəldərək dedi: – Qoy qəbul etməsinlər! Pavluşa gözünü qızdan ayırmırdı. Qızın paltarı qiymətli parçadan olmasa da, təmiz idi, səliqəli idi. Bütün varlığı mədəni, tərbiyəli, ağıllı bir qız olduğunu göstərirdi. Qız Məmmədə və onun yoldaşlarına dedi: – Bağışlayın, təbii halımdan çıxmışdım... Sizinlə nə cür tanış olduğumu da hiss edə bilmədim. Pavluşa: – Nə etməliyik, — dedi, — quruluş belədir. Bu cür hadisələri çox da ürəyinə salma. Yaşamaq və bu vəziyyətdən çıxmaq üçün mübarizə aparmaq lazımdır. Bu söz Jenyanın qulağında başqa bir ahənglə cingildədi; sanki ona bir şadlıq xəbəri verildi, gözləri güldü. O, Pavluşanın əlini səmimiyyətlə sıxdı. Konka gəldi, eyni vəziyyət yenə də təzələndi. Pavluşagilə konkada oturmağa yer yoxdu. Konkadakılar Sergey Vasiliçi yerə salmaq istəyirdilər. – Burada oturmaq olmaz! Xalqın rahatlığını pozma. Utanmırsan, o paltarla gəlib camaat içərisinə də girirsən?! Cındırlı, çirkli fəhlənin birisi, rədd ol! Cəhənnəm ol! Bu sözlər yalnız bir nəfərin ağzından çıxmırdı. Onu yerə salmaq üçün bir başqası bağıra-bağıra qorodovoy çağırdı. Qorodovoy gəlincə konka hərəkət etdi. Konkada oturan ağ yaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı. Jenya atasının camaat içərisində təhqir edilməsinə qarşı nə edəcəyini bilmirdi. Pavluşa işə qarışmaq istədisə də, Ayrapet onu göz işarəsi ilə sakit elədi. Qarışıqlıq olar, bir hadisə baş verə bilərdi, onlar polis idarəsinə aparılardı, yanlarındakı gizli ədəbiyyat polisin əlinə düşə bilərdi. Pavluşa Sergey Vasiliçi çağırıb öz yanında yerləşdirdi, lakin çinovnik sakit olmaq istəmirdi: – Bu heyvanları tərbiyə etmək mümkün olmayacaqdır... Sergey Vasiliç qızının darıxdığını görüb soyuqqanlılıqla dedi: – Qızım, rahatsız olma! Belə şeylər çox olur. Hərgah mənim libasım cındır, çirkli isə, məni təhqir edən bu ağanın vicdan və şəxsiyyəti daha murdar və çirklidir. Bu sözə qarşı rus çinovniki qalxıb Sergey Vasiliçi vurmaq istədi. Əsgər onun qolundan tutub burdu və yerində oturmağa məcbur etdi. – Otur yerində, qoca köpək! On dəqiqədən bəri qoxumuş ağzından olmazın zibilini tökürsən, o heç səni vurmur! Vallah elə vuraram ki, ağzında bir dişin də qalmaz! Çinovnik var gücü ilə qışqırdı: – Qorodovoy! Çağırış nəticəsiz qaldı. Konka durduğu zaman sərpişinlərin konkaya olan hücumu Sergey Vasiliç və başqalarının konkadan düşüb getməsinə imkan verdi. Onlar pilləkənlərdən qalxıb vağzala gedincəyə qədər çinovnikin səsi eşidilirdi. – Heyvanlar! Alçaqlar! Aziatlar! Həmşərilər! Haramzadalar! Ədəbsiz fəhlələr!.. * * * Balaxanı-Sabunçu dairəsindəki dəmiryol qatarı yenə də adəti üzrə yubanmışdı, bir neçə saat durub onu gözləmək lazım gəlirdi. Jandarmlar tez-tez o tərəf-bu tərəfə gedib camaatı yoxlarkən, Pavluşada bir həyəcan əmələ gəlirdi. O, jandarmların ona göz qoyduğunu, vaqona minərkən axtarılacağını düşünüb rahatsız olurdu. Sergey Vasiliç bir parça kağızı lülələdi və içinə maxorka doldurub yandırdı, dərin bir qullab vurub tüstünü ağır havalı stansiyanın kirli tavanına tərəf üfürdü. Sonra əlini Pavluşanın çiyninə vuraraq: – İndilik bu dünyada bizdən də murdar şey yoxdur, — dedi, — Əgər varsa da, mənsəb sahiblərinin təbirinə görə, biz fəhlələrik. Hərgah bir köpək, köpəklərin ən iyrənçi, qoturu, bu gün biz rast gəldiyimiz rus aristokratına rast gəlmiş olsaydı, şübhəsiz ki, aristokratın ona yazığı gələrdi. Mən bu sözü sizə ondan ötrü deyirəm ki, siz bunları yadınızda saxlayasınız, öz işinizdə möhkəm durasınız, bu kimi hadisələri xatırlamaqla, çar köpəkləri ilə olan mübarizədə möhkəm çalışasınız! Onların hamısı sakitcə durub düşünürdü. Axırda səssizliyi yenə Sergey Vasiliç pozdu: – İşlər belədir, yoldaşlar! — dedi. — Murdarlıq adını üstümüzdən götürmək üçün uzun və qanlı mübarizə lazımdır. Heyif ki, qocalmışam... Mübarizə apardığımız qüvvətlər zorbadır. Bizim idraksızlığımız, təşkilatsızlığımız da düşmənlərimizə yardım verir. Kütlələri ayıltmaq, təşkil etmək — bizim düşmənə qarşı işlədəcəyimiz silahın itiləşməsi deməkdir. Pavluşa yavaşcadan: – Eybi yoxdur, — dedi, — sizə gedirik, orada danışarıq. Qatar gəldi, sərnişinlər vaqondan düşüb qurtarmamış, gözləməkdə olanlar sınıq və şüşəsiz pəncərələrdən içəri doluşmağa başladılar. Pavluşa ilə Əsgər də çıxıb bir necə yer tutdular. Hamısı yerləşdi. Jenya danışmırdı. Əllərini dizləri üstünə qoyub gözlərini əllərinə dikmişdi. Alnındakı damarların qabarıqlığı, sinəsinin yatıb qalxması, həyəcanlı olduğunu göstərirdi. Sergey Vasiliç əlləri ilə onun saçlarını tumarlayıb dedi: – Fəhlədir, mübarizəni sevir, düşüncəsi sağlamdır. O, bizimlə əqidə yoldaşıdır. Məni sevindirən də budur! Oxumağı sevir, oxuduqlarını anlayır, taleyimdən olduqca razıyam, çünki qızım da mən düşündüyüm kimi düşünür. Ətrafda maraqlı söhbətlər gedirdi: – Padşahın Hacıya bir aləm borcu vardır. – Doğrudur, kişi yarım padşahdır. – Hacı Hacağa ondan varlıdır. Bir camış dərisi qızılı var. – Adam kimi dolansaydı, o dövləti yığa bilməzdi. Xəsisin biridir! – Sən anlamırsan, eşşəyin birisi. Nəsrəddin şah Hacıya kağız göndərir. – Elədir! Hacı yuxuda qırmızıgöz Murtəza Əlini görüb. Həzrət Əlinin özü Hacıya bir qızıl əta buyurmuşdur. Hacı yuxudan diksinərək qalxıb görüb ki, əlində bir şey vardır. O saatda lampanı yandırıb, baxıb görüb ki, əlindəki pul cənab Əlinin verdiyi qızıl puldur. Pulun bir tərəfində «Zərb filbəldətül Kufə», o biri tərəfində isə «Əmirəlmöminin Əliyyən vəliyullah» sözləri yazılmış imiş. Bu sözləri eşidən bir neçə adam qarma-qarışıq bir səslə ucadan dedi: «Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd». – Hacı həmin qızılı salıbdır öz xəzinəsinə, indi dövləti başlayıb daşmağa, ha xərcləsin, qurtarmayacaq ki!.. Hey götürür, yenə axşam gəlib görür ki, sandıq doludur. Dananmarux ki, ağa, möcüzdür... – Doğrudur! Nənəm rəhmətlik həmişə Hacının evinə çörək bişirməyə gedərdi. Günlərin birində, Hacının ölən arvadı mətbəxə gəlib deyir ki: «Ay qız, durun hamınız dəstəmaz alın, hər kəs də murdardır qüsl eləsin, sizə, həzrət Əlinin yuxuda Hacıya verdiyi qızılı göstərəcəyəm». Rəhmətlik nənəm deyərdi ki, Hacının arvadı ipək kisədən qızılı çıxardanda elə bil ki, mətbəxə gün düşdü. Qarşıda oturanlardan birisi bu sözləri eşidib bərk ağlamağa başladı: – Hacı Heybətqulunun bu qoca canı sənin mübarək adına qurban olsun, ey qırmızıgöz ağa! Yan tərəfdə də iki nəfər danışırdı. Söhbət din, məzhəb və təriqət haqqında idi. – Bu gecə ruhumuz ləzzət apardı. Molla Hadı elmin dəryasıdır! Molla Əli ilə mübahisə açdılar. Usta Xeyrullanın ölüsünün üstünə getmişdik. Məclisdən sonra Molla Hadı aralığa çox qəribə bir məsələ atdı və molla Əliyə belə bir sual verdi: «De görüm, imamın nəcisi pakdır ya yox?» Sizin başınız üçün molla Əli bilmədi ki, necə cavab versin. Quruyub qaldı. Molla Hadı gülüb dedi: «Molla Əli, heç fikirləşmə, İmamın nəcisi olmaz! İmamın yediyi tər olub bədənindən xaric olar!». Yenə bir neçə adam ucadan salavat çəkdi. Məmməd Ayrapetə dedi: – Bu xalqı nə zaman düzəltmək mümkün olacaq? Söhbətlər davam edirdi: – Kişi deyəndə Mantaşevdir! – Hamısı bir zibildir. – Bu gecə Mantaşevin trubasını deşiblər, səhərə kimi neft axıb gedib. – Kimin işidir? – Bəşirbəyin adamlarının... – Hacı həzrət Abbas ilə şərikdir. – Odur ki, allah da başından tökür. – Həzrət Abbas da fəhlələrin qanını sorurmuş! – Əstəğfürullah de! – Buxara əmirinin qızını oğluna alıbdır. – Böyük oğlu da Nəsrəddin şahın əmisi qızına evlənibdir. – Elədir. Ortancıl oğluna da Dağıstan şahzadələrindən birisini almışdır. – Qoçu Ağakərim gülləni elə atıb ki, düz peysərindən dəyib, alnından çıxıb. – Teymurbəy hərif deyil. – Bəs Bəşirbəyə nə deyirsən? – Sən öləsən, sabunçuluların arxasıdır. – Ada, kamançanı çal görüm! – Bəsdir, qoyun oturaq! – İvana kamança xoş gəlmir. Ona qarmoşka lazımdır. – Ada, «Gülüstanda sənə bənzər gül olmaz» havasını çal! – Çal, qorxma, durub bir dana da İvan o biri tərəfindən çıxardaram! – İşini sudyadan necə qurtardın? – Bir palazqulaq yüzlük ona, bir palazqulaq yüzlük də pristavın ovcuna basdıq, qurtardı. – İran konsulu bəs nə dedi? – İyirmi beş manat da ona verdik. Mirzə Həbibxan öz adamımızdır. – Əlbəttə ki... dörd nəfər həmşəri quyuda ölməklə dünya dağılmayacaq ki?! Qatar bu kimi söhbətlərlə Sabunçu stansiyasına yanaşdı. Pavluşa və yoldaşları vaqondan düşdülər. Tək-tək və ayrı-ayrı yollarla Sergey Vasiliçin evinə getdilər. Onlar Sabunçuya çatarkən, qaranlıq qara qanadlarını buruq meşələri üstünə açırdı. Paltarları, sifətləri, əllərindəki çantaları mazut rənginə boyanmış fəhlələr yorğun addımlarla işdən qayıdırdılar. Ara-sıra Sergey Vasiliçə salam verib keçən fəhlələrin səsi ağır xəstəlikdən yenicə durmuş adamların səsinə oxşayırdı. Zavod düdükləri iş növbələrinin dəyişdiyini xəbər verirdi. Kükürdlü su axan palçıqlı küçələrdə səslənən ayaqların ahəngi, topladığı qüvvəsini istismarın sərəncamına vermək üçün növbədə gedən məhrumiyyət ordusunun marşı kimi səslənirdi. Son qüvvəsini satıb gələnlər, qüvvəsini bir qarın çörəyə satmaq üçün gedənlərlə salamlaşıb keçirdilər. Alçaq daxmalardan görünən sısqa işıqlar, qırıq şüşəli pəncərələrdə saralıb sönən gözləri xatırladan beşlik lampalar, mazut gölməçəli sınıq hasarlar, qara, hisli divarlar, qapıların qarşısında durub ailə başçısını gözləyən qadınlar, bir dəri, bir sümükdən ibarət olan arıq, sısqa fəhlə uşaqları gözə çarpdıqca mübarizənin nə üçün başlandığını çox asan bir surətdə təsəvvür etmək olardı. Buruqlar və zavodların trubaları nə qədər uca idisə, onların kölgəsində çalışan fəhlələrin yaşadığı evlər bir o qədər alçaqdı. Qəbirə bənzəyən evlərdən çıxıb dartay çarxı yanına tələsə-tələsə gedənləri, dartaydan qayıdıb yenə qəbirə oxşayan daxmalara girənləri seyr etdikdən sonra Pavluşa öz yoldaşları ilə Sergey Vasiliçin qapısında dayandı. Məmməd Pavluşaya və Əsgərə dedi: – Bu qapı, 18 yaşından 58 yaşına qədər bütün varlığını neft burjuaziyasının istismarına həsr edən bir fəhlənin qapısıdır. Bu ev və bu evdə yaşayan ailənin vəziyyəti hər bir fəhlənin gələcəyini göstərən bir güzgüdür. İş belə gedərsə, biz də burada yaşamalı olacağıq, biz də bu mazut gölməçələri içərisində məhv olub gedəcəyik! Qapı açıldı. Pavluşa ilə yoldaşları, ətrafına köhnə dəmir vərəqələri ilə hasar çəkilmiş kiçik bir həyətə girdilər. Həyətdə iki-üç günəbaxan gözə çarpırdı. Onların yarpaqları Sabunçu mühitində saralıb solan, yarım ac fəhlə balalarının üzləri kimi sarı idi. Bir tərəfdə nazik çör-çöpdən düzülmüş bir toyuq hini də nəzərə çarpırdı ki, burada qırxillik bir fəhlə zəhmətinin vücuda gətirdiyi təsərrüfat yerləşirdi. Sergey Vasiliçin arvadı Anna mədən müdirlərinin evində paltar yumaqdan yenicə gəlmiş və samovarı hazırlamağa başlamışdı. Pavluşanın yoldaşları ilə içəri girməsi, ailədə olan pərişanlığı müvəqqəti olaraq dağıtdı. Ana, qızının gimnaziyaya götürülməməsi xəbərindən aldığı kədərləri də qısmən unutdu. Jenya samovarı gətirib üstünə kiçik, köhnə bir muşamba salınmış stolun üstünə qoydu. Stəkan üç idi, növbətlə içmək lazım gəlirdi. Oturmaq üçün taxta kürsülər də yoxdu. Pavluşa əlini qoltuq cibinə atıb ədəbiyyatı çıxarmaq istədikdə, Jenyanın və Sergey Vasiliçin üzünə baxdı. Bu baxış Jenyaya qarşı bir etimadsızlıq demək idi. Buna görə də Sergey Vasiliç dedi: – Arxayın olun! Gizlin ədəbiyyat maraqlılarındandır. Pavluşa ədəbiyyatı çıxartdı: – «Kim nə ilə yaşayır?» kitabıdır. Müəllifi Dikşteyndir, — dedi. Əsər oxunub qurtardıqdan sonra, Sergey Vasiliç yoldaşlarına dedi: – Balaxanı — Sabunçu dairəsində inqilabçı fəhlələr çoxdur. Mən arzu edərdim ki, onları da bura dəvət edəydik. Onlar həm ədəbiyyatla, həm də sizinlə tanış olardılar. Buna hamı razılıq verdi, Sergey Vasiliç qızı Jenyaya dedi: – Get bu saatda Mantaşevdən Zərkərovu, Nobeldən Andreyi, «Molot»dan Brakini... uzaq getməkdən qorxmazsansa, Qüdrəti və Nəsiri də çağır gətir! Jenya getdi. Sergey Vasiliç isə öz yaşayışı haqqında sözə başladı: – Bizim qüvvəmiz hazırda gözə çarpan bir qüvvə deyildir, lakin çox çəkməz ki, bizi möhkəm bir cəmiyyət kimi tanıyarlar. Sizin dördünüz də gəncsiniz, hələ ağır istismarın altında qocalmamışsınız, buna görə də mübarizədən yorulmazsınız, ciddi çalışarsınız. Mən 1867-ci ildən Bakıdayam. Çox sağlam və qüvvətli bir gənc idim. O zamanlar maşın yox idi. Nefti dərin quyulardan əl ilə çəkib çıxarmaq lazım gəlirdi. Yerli neft sahibləri fəhlə götürdükdə, onu quyunun başına aparıb imtahan edirdilər; hərgah o, on saat müddətində ağır vedrələri dayanmadan quyudan çəkə bilirsə, işə götürürdülər. Mən Bakıya gələndən iki il sonra burada əcnəbi burjuaziya meydana gəlməyə başladı, nefti də bu günkü üsul ilə çəkməyə başladılar. Əvvəlcə neft sahibləri hər zaman istərsə maaş verər, istəməzsə verməzdi. Bəzən altı ay pul verməzdilər, ancaq quru çörəyi müəyyən bir dükandan alardıq. Bu qanuna yerli fəhlələr razı olmurdular. Sahibkarlarla tez-tez toqquşma olurdu. Odur ki, sahibkarlar yerli fəhlələrdən boyun qaçıraraq, onların yerinə iranlı və rus fəhlələrini qəbul edərdilər. Hazırda rus və iranlı fəhlələrinin çoxluğu da haman məsələnin nəticəsidir. Rus və iranlı fəhlələr sahibkara tabe olmağa məcbur idilər, ac qalsalar da dinməzdilər, işdən qovulmaqdan qorxardılar. Yerliləri işdən çıxmaq qorxutmazdı, gedib öz təsərrüfatlarında çalışardılar. Maaş üstündə ixtilaf çıxaran iranlı fəhləsini quyuda öldürmək də mümkün idi, çünki onu itirib-axtaran olmazdı. Lakin yerli fəhlələrdən quyuda öldürüləndə onun qohum-qardaşı ixtilaf çıxarırdı. Zərkərov, Andrey və Brakin gəldi. Sergey Vasiliç onları yoldaşları ilə tanış etdi. Söhbəti Pavluşa başladı: – Bakı şəhəri Qafqazda fəhlə mərkəzidir. Buna baxmayaraq Tiflisdə olan fəhlə təşkilatları buradan möhkəmdir. Bizim təkbaşına çıxışlarımız hər çıxış nəticəsində də sahibkarlara təslim olduğumuz, tətillərimizin nəticəsizliyi — rəhbərsizliyin nəticəsidir. Fəhlələr təşkil edilmədikcə, sözdə, işdə, fikirdə birlik yaradılmadıqca biz istədiyimizi əldə edə bilməyəcəyik. Təşkilatsızlıq, başıpozuq bir surətdə çalışmaq, neft fəhlələrinin ağır bir surətdə istismar edilməsinə meydan verir. Siz bilirsiniz ki, Bakı fəhlələri — təsərrüfatı dağıldığı üçün şəhərə gələn kəndlilərdən, İran xanlarının zülmündən qaçan iranlılardan, meliklərin istismarına dözməyən ermənilərdən, knyaz və mülkədarlar əlindən — Volqa boyundan, Saratovdan, Simbirskdən və Mərkəzi Rusiyadan qaçıb gələn tatarlardan və ruslardan ibarətdirlər. Tatarlar ilə iranlılar Bakı fəhlələrinin ən geridə qalanlarıdır. Bunlar Bakıya gələrkən öz zəhmətlərini olduqca ucuz qiymətə satırlar. Bunların mədəniyyətsiz və sırf avam olmalarından istifadə edərək, sahibkar din-məzhəb ixtilafları törətməyi və fəhlələrin birliyini pozmağı da bacarır. Dini və milli hərəkat fəhlə hərəkatına qarşı, hər yerdə olduğu kimi, Bakıda da böyük əngəl törədir. Buna görə də fəhlələri təşkil etmək üçün sosial-demokrat siyasi dərnəklərinin təşkil edilməsi lazımdır. Biz bu kimi dərnəklərə azərbaycanlılardan və iranlılardan daha çox cəlb etməliyik. Pavluşa söhbətini bitirdikdən sonra ortalığı dərin bir sükut bürüdü. Hər kəs düşünürdü. Bir azdan sonra Andrey sual verdi: – Biz siyasi dərnək təşkil etməklə bu qədər geniş bir kütləni təşkil edə biləcəyikmi? Buna Jenya hamıdan əvvəl cavab verdi: – Burada oturanlar düşüncə və əqidəcə bir olsalar, kütlələrə yaxınlaşmaq çox da çətin olmayacaqdır. Sergey Vasiliç qəti bir səslə: – Mənim təcrübəm olduqca çoxdur, — dedi, — fəhlə ruhunu lazımi qədər tanıyıram. Fəhlə nə qədər başı pozuq və təşkilatsız olsa da, yenə də intizamı sevəndir. Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən əsla boyun qaçırmazlar. Xüsusən siyasi dərnək. Bu kimi təşkilatların hamısı fəhlələr üçün yenilikdir. Fəhlələr keçirdikləri həyatdan yorulmuşlar. Onlar sosial-demokrat təşkilatının gizli siyasi dərnəyinin əmələ gəldiyini bilsələr, onu bütün varlıqları ilə alqışlarlar. Hələ istismarın gündən-günə artması, sahibkarların həddindən artıq hərisləşib, həyasızlaşması ən avam fəhlələrdə belə yeni duyğu yaratmışdır. Mən sizə söz verirəm ki, hər bir müəssisədə fikrimizə köməkçi və tərəfdar tapa biləcəyik. Lakin bir şeyi unutmamalıdır: kapitalistlər fəhlələrin öz içərisindən də düşmənlər hazırlayırlar. Onlar avam fəhlələri çox tez aldada bilirlər, avam fəhlələrdən casus və xəfiyyə düzəldə bilirlər. Buna görə də biz sözümüzü demək istədiyimiz hər bir fəhləni lazımi qədər öyrənməliyik. Sergey Vasiliç sözünü bitirdi. * * * Pavluşa zavoddan qovuldu Müdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı. Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər. Çelmanın öz casusları vasitəsilə aldığı bu xəbər, Pavluşa və onun yoldaşlarının zavoddan çıxarılmasına səbəb oldu. Əmək müqaviləsində, sərxoşluğa adət edən fəhlələrin zavoda buraxılmaması qeyd edilmişdi. Lakin Pavluşa və onun yoldaşları bir kərə də olsa, zavoda sərxoş gəlməmişdilər. Pavluşanı Qaraşəhərdən götürüb, Balaxanıdakı Nobel müəssisələrinə göndərdilər. Əsgər və sairləri isə tamamilə işdən xaric edildilər. Onlar işdən qanunsuz çıxarıldıqları haqqında məhkəməyə müraciət etdilərsə də, məhkəmə sahibkarları haqlı çıxartdı. Nəhayət, onları öz yoldaşları dəmiryol emalatxanasında işə düzəltdilər. Buna baxmayaraq, yoldaşlar bir-birindən əlaqələrini kəsməmişdilər; onlar yenə də görüşür və siyasi dərnəyə davam edirdilər. Pavluşa Balaxanı — Sabunçu dairəsinə köçdükdən sonra Sergey Vasiliç onu öz evinə aparıb yer verdi. Bu gündən başlayaraq Pavluşanın Jenya ilə olan tanışlığı sıxlaşır və səmimiləşirdi. Onların bütün işsiz vaxtları bir yerdə keçir və bu da tamamilə siyasi dərslərə sərf olunurdu. Pavluşa Jenyaya siyasi məsələlərdə kömək etdiyi kimi, Jenya da bədii ədəbiyyatı öyrənmək işində Pavluşaya yardım göstərirdi. Onlar Puşkini, Lermontovu, Çexovu, Turkenevi və sair rus ədiblərini oxuyub öyrənirdilər. Sergey Vasiliçin həyatı maraqlı bir şəkil almışdı. Arvadı Anna da bu həyatı sevirdi. Onlar həmişə: «Bizim bir oğlumuz, bir də qızımız vardır» deyə sevinirdilər. Doğrudan da onların həyatı maraqlı və sevimli idi, çünki qocaların gözü qarşısında iki inqilabçı və mübariz gənc yaşayırdı; onlar ümidverici bir gələcəyə hazırlanırdılar. Yenə bir axşam Pavluşa ilə Jenya öz otaqlarında oturub gizlin ədəbiyyat oxuyurdular. Gecə saat bir olmuşdu, lakin yatmaq istəmirdilər; onlarda səbəbini bilmədikləri bir şadlıq oyanmışdı. Pavluşa oxuyur, Jenya dinləyir və bilmədiklərini soruşurdu. Jenya tez-tez «oxu, anlayıram», — deyə Pavluşanı oxumağa məcbur edirdi. Bir neçə dəqiqədən sonra bu səs artıq eşidilmədi. Jenya kirpiklərini bir-birinin üstünə tökərək başını Pavluşanın çiyninə qoyub yatmışdı. Pavluşa Jenyanın rahatlığını pozmamaq üçün oturduğu yerindən tərpənmədi. Jenya haçandan haçana gözlərini açdı, Pavluşanın qarşısında duran kitabı götürüb, yenə «oxu, anlayıram» deməyə başladı. Pavluşa divar saatına baxıb güldü: – Mən səni iki saatdır gözləyirəm, qabağımdakı yazıları ikinci dəfədir oxuyuram. Jenya xeyli yatdığını hiss etdi, qızardı. – Pavluşa, məni bağışla, səni rahatsız etdim. Nə qədər rahat və şirin yatdığımı bilsəydin! – Nə əziyyət verdin ki, səni bağışlamaq lazım gəlsin? – Çiynin ağrımadımı? – Ürəyimin döyüntüsü çiynimin yorğunluğunu unutdurdu. – Bu nə sözdür? Mən anlamadım, necə yəni ürəyimin döyüntüsü? Pavluşa dediyindən utandı, öz sevgisini açıq bir surətdə söyləyə bilmədi. Jenya qızarmış halda qalxıb yatmaq üçün ananın yanına getdi. Pavluşanın gözünə yuxu getmirdi. Jenyanın ona «bu nə sözdür?» deməsinə müəyyən bir məna verə bilmirdi. Fikrində bir qarışıqlıq əmələ gəlmişdi. O, ailə həyatını gah səadət, gah da fəlakət törədici bir şəkildə görür, mühitin məsud bir həyata imkan verməyəcəyini təsəvvür edirdi. Gözü önündən çürbəçür tablolar uçub gedir, fikirlər bir-birini əvəz edirdi, lakin Jenyanın şəkli eyni biçimdə, eyni ölçüdə, eyni gözəllikdə nəzərindən ayrılmırdı. Bu şəkil xəyalında dolaşan şəkillərin hamısına üstün gəlirdi. Bu fikirlərin təsiri altında Pavluşa öz-özünə sual verdi: «Mənə bir yoldaş lazım deyilmi? Lazımdır!.. Lakin Jenya da mənim düşündüyüm kimi düşünürmü? Bunu Jenyanın özündən soruşmaq mümkün olacaqmı?». Bu düşüncələrlə də Pavluşanı yuxu apardı. * * * Bu gecə Jenya ilə Pavluşa siyasi dərnəkdən yenicə gəlmişdi. Jenya yol uzunu dediyi sözü bir daha təkrar etdi: – Doğrusu, mən Lado yoldaşın bu gecəki iclasda dediyi sözünü heç də həzm edə bilmirəm. Pavluşa furajkasını və pençəyini mıxdan asıb stolun başında oturdu və əlini yanındakı kürsüyə vurub Jenyaya — otur, — dedi. Jenya oturdu və iki əlini stolun üstünə qoydu. Pavluşa əlini onun əli üzərinə qoyub dedi: – Lado yoldaş çox yerli danışdı. Sən siyasi dərnək apardığına baxmayaraq, hələ kapitalistləri tanımaq işində savadsızsan... – Xeyr, mən bu barədə savadsız deyiləm. Mən deyirəm ki, burjuaziyanın mədəni olması ilə mədəniyyətsiz olmasında çox fərq vardır. – Sənin bu barədə heç bir əsasın yoxdur. – Vardır! Görünür ki, sən gündəlik qəzetləri oxumursan. – Oxuyuram, hər gün oxuyuram, səndən də yaxşı oxuyuram! – Hərgah oxuyursan, bəs nə üçün neft sənayesi sahibləri qurultayına aid xəbərləri oxumursan? Bax, bu günkü qəzetdə əcnəbi neft sahibləri iş saatlarının azalmasını təklif etdikdə, yerli neft sahibkarlarından Mantaşev buna etiraz edir. Buna görə də biz təbliğat aparmalıyıq ki, fəhlələr əcnəbi müəssisələrində çalışsınlar, çünki əcnəbi neft sahibləri mədənidirlər. Pavluşa Jenyanın bu sözlərinə qəhqəhə ilə gülüb dedi: – Mənim gözəl yoldaşım, əvvələn sənə bunu söyləməliyəm ki, burjuaziya haqqında uzun-uzadı dərslər keçməliyik. Hələlik bu barədə dərnəkdə məsələ qoyulmamışdır. Çünki bura qədər hələ çox işlərimiz vardır. Sən onu bir kərə qulağında saxlamalısan ki, yoldaş Lado dediyi kimi, kapitalistlər mədəniləşdikcə onların fəhlə sinfini istismar üçün düzəltdiyi sistemlər də mükəmməlləşir, daha açığı, hərisləşir. Görünür ki, neft burjuaziyasının neft sənayeçiləri qurultayında düzəltdiyi fırıldaqlar sənin zehnini şaşırmışdır. Lakin onların istismar sistemləri bir-birindən fərqli olsa da, fəhlə sinfinə dair məqsədləri birdir. Məsələn, hazırkı Benkendorf şirkətləri iş saatlarının azalmasını təklif edir. Bunu fəhlələri sevdiklərindən etmirlər, məcbur edildikləri üçün edirlər. Burjuaziya bəzən kiçik güzəştə getməklə, böyük faydalar əldə etməyə çalışır. Sən burjuaziya haqqında düşüncəni dəyiş! Onlar qurultayda bir-biri ilə qumar oynayırlar. Onlar bununla fəhlə sinfinin gözünə torpaq atmağa və yaxında gözlənilən tətillərin qarşısını almağa, özləri üçün nüfuz qazanmağa və istismar silahını itiləməyə çalışırlar. Burjuaziya mədəniyyətsiz olsun, mədəni olsun, bununla fəhlə sinfinin həyatında bir dəyişiklik yaradılmaz. Mədənilər bıçaqla kəsir, mədəniyyətsiz qurdlar isə dişi ilə didir, dağıdır. Bunların ikisində də fəhlə sinfi məhv olur. Burada başqa-başqa cəhətlər də vardır. Əcnəbi neft sahiblərinin yerli neft sahiblərinə qarşı apardığı rəqabətin özü də bu məsələdə böyük rol oynayır. Onlar bu kimi çıxışları ilə yerlilərin neftini öz əllərinə keçirməyə və yerli neft sahiblərini dağıtmağa çalışırlar. Daha başqa cəhətlər də vardır ki, əcnəbi neft sahibləri bununla fəhlələri öz tərəflərinə çəkməyə çalışırlar. Məsələn, yerli neft burjuaziyasının mənfəətini müdafiə üçün yüzlərcə maaş alan qoçular vardır. Fəhlələrini silah gücü ilə susduranlar da az deyildir. Əcnəbi neft sahiblərində isə bu qüvvət yoxdur. Buna görə də onlar fəhlələri öz tərəflərinə çəkmək üçün xırda güzəştlərə getmək məcburiyyətindədirlər. Pavluşa danışdıqca, Jenya əlindəki karandaşla qabağın dakı bir parça kağızı qaralayırdı. Pavluşa sözünü bitirdikdən sonra da Jenya kağızı qaralamaqda davam edirdi. Pavluşa qəfildən əlini uzadıb Jenyanın qabağından kağızı qapdı. Kağızda — yaxası açıq, qalın saçları qarışmış, sağ qolunu stola söykəmiş, sol əlinin barmağı ilə danışığına ahəng vermək istəyən bir gəncin şəkli çəkilmişdi. Pavluşa: – Bu ki mənim rəsmimdir! — dedi. — Sən çox gözəl rəssamsan, məni olduğum kimi yaratmışsan! Jenya: – Yox — dedi. — Kağızı çox tez qapdın. Ona görə də şəkli düşündüyüm kimi bitirə bilmədim. Bir az da səbir etsəydin, ən incə nöqtələri belə təsvir edə biləcəkdim. Pavluşa: – O nöqtələr nə kimi nöqtələrdir? — deyə soruşduqda, Jenya utanaraq, üzünü ondan çevirdi və dedi: – O nöqtələr... sənin qəlbindir... Mən sənin qəlbini təsvir etməyə çalışırdım! Pavluşa bu sözlərdən sonra şəkli bir daha gözdən keçirdi. – Sən mənim qəlbimi oxumağa qadirmisən? Onu təsvir edə bilərsənmi? Jenya: – Bilərəm, — dedi. — Gənclərin qəlbini gözlərindən oxumalıdır! Gəncin gözləri, hətta alnının dərinləşməmiş cizgiləri belə onun qəlbini göstərmək üçün təbii bir ləvhədir. Bunları düşünməyən rəssam deyildir. Mən məktəbdə rəsm dərsləri keçdiyim vaxt bunları düşünür və öyrənməyə çalışırdım. Pavluşa: – Çox əcəb! — dedi. — İndi bu saat mənim qəlbimi oxu görüm! Jenya utandığından titrəyərək dedi: – Sənin qəlbin şübhələr, tərəddüdlər, qeyri-müəyyən sevgilər, məchul və müəmma şəklində görünən gələcək arzuları ilə doludur. Sən hələlik öz düşüncələrinə müəyyən bir şəkil verə bilməmişsən. Biçimsiz və tez-tez dəyişib başqa rəng alan düşüncələr, səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır. Pavluşanın rəngi qızardı, alnının damarları qabardı, barmaqları ilə saçlarını yuxarı darayaraq: – Sən mənim qəlbimdəki qarışıq, məchul və müəmmalı düşüncələr yaranan səbəbləri də mənə deyə bilərsənmi? — deyib Jenyanın əlini əlinə aldı. Gənc qız özünə məxsus bir əda ilə titrəyərək: – Deyə bilərəm! — dedi. — Ancaq sən onu da bilməlisən ki, hər sözü dillə deməzlər, bəzi sözləri baxışdan da oxumaq mümkündür. Jenya bu sözləri dedikdən sonra gözlərini stolun üstünə endirdi, susdu, üzündəki qırmızılıq və bədəninin qeyri-təbii hərəkəti utandığını göstərdi. Pavluşa yenə əvvəlki fikirlərinə qayıtmışdı, düşünürdü. Jenya ilə qurmaq istədiyi həyata müəyyən şəkil verməyə tələsirdi. Xeyli fikirləşdikdən sonra qarşısındakı soyumuş çayı götürüb içdi. Jenya ayağa qalxaraq: – Qoy sənə isti çay gətirim, — dedikdə, Pavluşa sarı saçlı bu gənc qızı bir daha gözdən keçirdi. Jenya da içəri otağa keçmək istərkən, başını çevirib Pavluşaya baxdı. Jenya çay hazırlamaqda ikən, Pavluşa yaşadığı ailənin bütün varlığını xəyalında canlandırırdı. İki kiçik otaqda yerləşən dörd nəfərlik ailənin malik olduğu şeylər: bir paltaryuyan qab, üç taxta kürsü, iki taxta çarpayı, bir samovar, üç stəkan, bir çuğun qazança, iki də köhnə saxsı qabdan ibarətdi. Otaqların birisində Jenya ilə anası, o birisində isə Pavluşa ilə Sergey Vasiliç yatırdı. Pavluşa bu yoxsul vəziyyəti gözdən keçirdikdə, Sergey Vasiliç yadına düşdü, öz-özünə sual verdi: «Görəsən bütün Bakıda Sergey Vasiliç kimi də fəqir və yoxsul bir adam varmı?» Pavluşa çox düşündü, nəhayət, sualın cavabını yenə də özü verdi. «Bəli vardır! — dedi. — Ən yoxsul, ən fəqir adam odur ki, Sergey Vasiliç kimi bir yoxsulun himayəsində yaşayır. Həmin yoxsul da mənəm! Heç bir şeyə malik deyiləm. Bu fəqir və yoxsul ev mənim varlığımla daha yoxsul görünür». Pavluşa bu fikirlərin təsiri ilə utanıb tərlədi. Jenya bir stəkan çay gətirib onun qabağına qoydu. Pavluşa onu bir daha gözdən keçirdi. Əvvəlki fikirlərindən onda bir nişan da qalmadı. Öz-özünə: «Bu evdə nə böyük bir zənginlik vardır!» dedi. * * * Tiflis komitəsi Tiflis menşeviklərinin çıxardığı «Kvali» qəzetinin fəhlə sinfinə siyasi mübarizə düşüncəsi verə bilməməsini nəzərə alaraq Bakıda gizli qəzet çıxarmaq və gizli mətbəə təşkil etmək üçün 1901-ci ildə Lado Ketsxoveli yoldaşı Bakıya göndərmişdi. Lado Bakıda gizli mətbəə təşkil etmək, fəhlə sosial-demokrat partiya komitəsi, dərnək və özəklər düzəltmək üçün çalışırdı. Gizli mətbəənin yeri hazırlanmışdı. Lado Tiflisə gedərək, mətbəəyə lazım olan şeyləri almaq və pul gətirmək istədiyi zaman, əcnəbi məmləkətlərdən Bakıya gətirilən gizli ədəbiyyatı artırmaq və onları dərnəklərə dağıtmaq üçün hektoqrafiya düzəldilmişdi. Jenya, Trafçenkonun düzəltdiyi hektoqrafiya ilə maraqlanır və bütün gününü sabunçulu Qiyasın evində keçirir, gizli ədəbiyyat çap etmək işində çalışırdı. Jenya həm vərəqələri çap edir, həm də onları aparıb lazımi yerlərə və ayrı-ayrı yoldaşlara paylayırdı. Jenya adəti üzrə yenə hektoqrafiyada çalışdığı zaman qapıda duran gözətçi: – Jandarmlar gəlir! — deyə səsləndi, özü də divardan aşıb qaçdı. Otaqda bir Simon, bir də Jenya qalmışdı. Onlar heç də şaşırmadılar. Jenya əvvəlcə çap olunmuş vərəqələri qoynunda gizlətdi. Sonra da otaqda hazır etdiyi zibilləri hektoqrafiyanın üstünə tökdü, süpürgəni onun üzərinə qoydu, lazım olan bütün alətləri vedrəyə tökdü və taxta döşəməni yumağa başladı. Jandarm və polis nəfərləri qudurmuş köpək kimi otağa soxuldular. Otağın yuyulmasını görüb kürsü üstündə oturdular, işin qurtarmasını gözlədilər. Onlar, həm Simonu, həm də hektoqrafiyanı əldə edəcəklərinə əmin idilər. Jenya otağı çox soyuqqanlılıqla yuyurdu; nə Simonun, nə də polislərin necə baxdığını, necə oturduğunu nəzərə almırdı. Otağı yuyub bitirdi. Üstünə süpürgə qoyduğu və zibil yığdığı hektoqrafiyanı bayıra apardı, qayıdıb islanmış meşok parçasını vedrəyə saldı, vedrəni otaqdan çıxartdı, sonra qayıdıb Simona dedi: – Ağa, daha başqa bir buyruğunuz varmı? Simon: – Xeyr — dedi. — Gedə bilərsiniz. Alın, bu da sizin zəhmət haqqınız. Bağışlayın, yalnız əlli qəpik verə biləcəyəm. Jenya əlli qəpiyi cibinə salaraq: – Çox razıyam, — deyib eşiyə çıxdı. Polis nəfəri bığlarını buraraq ona baxdı və jandarm nəfərinə göz vurub yavaşdan: – Yaman deyil! — dedi. Jandarm nəfəri də: – Bəli! — deyə dişlərini ağartdı. Jandarm onbaşısı Simondan soruşdu: – Otaq sənindirmi? – Bəli, mənimdir! – Buranı axtarmalıyıq, mənim göyərçinim. Bəlkə də bizə zəhmət vermədən özünüz vərəqələr çap etdiyiniz hektoqrafiyanı bizə təslim edəsiniz? Bu sizin cəzanızı da yüngülləşdirmiş olar. Simon: – Mənim özüm də sizin əbəs yerə zəhmət çəkib gəldiyinizə təəssüf edirəm! — dedi — Ancaq yenə də şübhə qalmamaq üçün evi axtarmağınızı rica edərdim. Polis nəfərləri qapının qabağında durmuşdular. Jandarmlar, ac köpək sümük üzərində çalışan kimi, Simonun otağını alt-üst etməyə başladılar. Axtardıqca, tez-tez bir-birinin üzünə sualverici bir surətdə baxırdılar. Onlar burada vərəqə çap olunduğuna gözləri ilə görmüş kimi inanırdılar. Hər yerə baxıldı. Yorğan-döşəyin içi, köhnə paltarların cibləri, döşəmələr, tavanlar, köhnə peçlər, müxtəsər, evdə nə varsa ortalığa tökülüb yoxlanıldı. Nəhayət, jandarm onbaşısı kürsünün üstündə oturdu, fikrə getdi. Qapı yanında oturan polis nəfəri mürgüləyirdi. Milçək burnunun yanındakı ət xalın üstünə qonurkən, əlini qaldırıb milçəyi qovur, yenə də mürgüləyirdi. Jandarm onbaşısı əlini dizinə vurub dedi: – Şeytan qızı! O, bizi aldadıb, bütün lazım olan şeyləri otaqdan çıxartdı! Polis nəfəri bu səsə ayıldı, bığlarını düzəltməyə başladı. * * * «Borba» qəzeti çıxdı Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı: – Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir. Hazırda Bakıda iyirmi iki min fəhlə çalışır. Bu qədər fəhləni ibtidai halda düzəlmiş hektoqrafiya üsulu ilə siyasi ədəbiyyatla təmin etmək mümkün deyildir. Əcnəbi məmləkətlərdən ədəbiyyat gətirmək get-gedə çətinləşir. Çar hökuməti bütün varlığı ilə fəhlə hərəkatını boğmağa çalışır və sınanmış jandarm və polislərini Bakıya cəlb etmişdir. Tiflisdə çar hökumətinin icazəsi ilə çıxarılan ədəbiyyatın fəhlə sinfinə siyasi düşüncə verə bilmədiyini nəzərə alıb, mən və bir sıra yoldaşlar inqilabi marksist ədəbiyyat nəşr etməyi qərara aldıq. Biz buna görə də gizli mətbəə düzəltmək, gizli qəzet çıxarmaq üçün Bakını hər yerdən əlverişli hesab etdik. İşə başlamalıyıq. Bu gün bizim «Brdzola» («Borba») adlı qəzetimizin birinci nömrəsi çıxdı. Biz bundan sonra yalnız Bakı fəhlələrini deyil, bütün Zaqafqaziyanı, bəlkə bütün Rusiyanı gizli ədəbiyyatla təmin edəcəyik. – Yoldaşlar! Tiflis partiya təşkilatı Bakıya çox diqqət verir, bizim mətbəəmizə lazım olan hər bir şeyin vaxtında gətirilməsinə kömək edir. Lado yoldaşdan sonra bir çoxları da danışdı. Gecə saat on birdə Jenya ilə Pavluşa onlardan ayrılıb Sabunçuya yola düşdülər. Yolda Pavluşa Jenyanın əlindən tutub dedi: – Sən bir az ayıq olmalısan. – Nə üçün? Nə olub ki? – Mən sənin mətbəədə işləməyini və dairələrə ədəbiyyat aparmağını heç məsləhət görmürəm. – Bunun səbəbini göstərə bilməzmisən? – Səbəbi odur ki, jandarmlar və polis nəfərləri səni artıq tanımışlar. Qorxuram ki, səni tutalar... – Qorxan adam çar hökuməti ilə mübarizə apara bilərmi? Mən sənə məsləhət görürəm ki, hərgah qorxursan, bir yolluq bu işdən çəkil. – Yox, mən özümdən qorxmuram. Qorxum ancaq səndəndir. – Məndən qorxma, mənim də özümə görə ağlım, özümü müdafiə etməyə tədbirim vardır. Mən də sənə məsləhət görürəm ki, dostluğumuzun pozulmaması üçün mənim xüsusi işlərimə qarışma. Mən bu vəzifəni komitənin və təşkilatın məsləhəti ilə götürmüşəm. Yenə də bu vəzifəni məndən ancaq təşkilat geri ala bilər. – Dünən mən səni nə üçün Sabunçudan Bakıya deyil, Keşləyə apardım? – Deməsəydin də mən Keşləyə gedəcəkdim, çünki Sabunçu stansiyasında duran jandarmın «Poçta aparan qız şəhərə gəlir» deyə Bakıya xəbər verdiyini bir neçə gün qabaqdan bilirdim. Bakı polisi Bakıda gizli ədəbiyyat çap olunduğunu bilməmiş deyildir. Lakin onlar bunun hansı küçədə və kimlərin əli ilə çap olunduğunu öyrənə bilməmişlər. Mən, təqib olunduğum barəsində Krasin, Nikolay Petroviç, Kazarenko və başqa yoldaşlara da demişəm. Pavluşa, sən məndən heç də nigaran qalma. Bakı polisini hər gün köpək kimi dalımca gəzdirib əldən salıram. Onları bilərəkdən dalımca salıb, şəhərin ən uzaq küçələrində gəzdirirəm. Onlar tamamilə yorulub getdikdən sonra mən öz işimin dalınca gedirəm. – Jenya, polislər şeytandan da çox bilir, sən onlara heç də inanma! – Onu bilirəm. Mən polislərin son günlər mənə qarşı soyuqqanlı bir vəziyyət aldığını da hiss etmişəm. Polislər mənim barəmdə başqa cür tədbirlər düşünürlər. Dünən Sabunçudan şəhərə gəlirdim. Stansiyada pilləkənlərdən düşərkən bir nəfər fotoqrafın uzaqdan durub, şəklimi almaq istədiyini gördüm. Pavluşa tələsik soruşdu: – Ala bildimi? – Ay aldı ha!.. O saat əlimdəki kiçik çemodanı üzümə tutub keçdim. – İndi gördün ki, sən gərək bu işdən çəkiləsən?! Sən tutulsan bizim sirlərimizin hamısı polisin əlinə düşə bilər! – Mən tutulmaqla sirlər nə üçün polisin əlinə düşə bilər? – Səni məcbur edərlər... Sən çar polisinin namussuzluğunu bilmirsən... * * * Pavluşa Jenyada görünən bu dönüşə təəccüb edirdi. Evə çatdılar. İkilikdə oturub çay içirkən Pavluşa soruşdu: – Jenya, bu gün sən Lado yoldaşa nə dedin? – Mən ki sözü örtülü demədim. Aşkarça dedim ki, Lado yoldaş, mən bir neçə gün mətbəəyə getməyəcəyəm, çünki polislər məndən şübhələnmişlər. Mətbəənin Voronsovski küçədə olması və mənim o tərəflərə tez-tez getməyim mətbəəni təhlükə altına ala bilər. – Belə ha!.. İndi sənin özün də qorxu hiss edirsən! – Pavluşa, belə görünür ki, sən qorxu ilə ehtiyatlı dolanmağa təfavüt qoya bilmirsən! – Qorxunun çoxluğu ehtiyatlı olmaq fikrini doğuran birinci amildir. – Cürətin çoxluğu da bəzən ağılsızlıqdan və tədbirsizlikdən doğur. Sən elə bilmə ki, mən sənin sözlərinlə vəzifəmdən geri çəkilirəm. Mən sənə qulaq asmış olsaydım, vəzifəmdən bir neçə ay bundan əvvəl çəkilərdim. Çəkilmədim. Mən bilirəm ki, çar jandarmeriyası mənim dalımca xəfiyyələr təyin etmişdir. – Bunu haradan bilirsən? Jenya Pavluşaya çox ehtiyatla izahat verməyə başladı: – Neçə gündür ki, məni gözəl geyimli bir gənc oğlan təqib edir. Mən onun casus olduğuna inanıram. – Ola bilməz! Yəqin ki, gözəl qızlarla gəzmək istəyən Bakı əyyaşlarından birisidir. Bir kərə onun üstünə qışqırsan, rədd olub gedər. – Belə olmaz! Onu öyrənmək lazımdır. Xəfiyyə isə onu cəzalandırmaq, məğlub etmək... Pavluşa narazı bir halda onun sözünü kəsdi: – Belə görünür ki, onunla gəzmək istəyirsən... Bu ayrı məsələ!.. – Sən mənə inanmırsan? – Yox, inanıram! – Bəs nə üçün qısqanırsan? – Mən sənə, sənin mənə inandığın qədər inanıram. – Tutalım ki, mən sənə heç inanmıram, sən mənə inana bilərsənmi? – Qarşılıqlı əlaqə olmadan inanmaq mümkün deyildir. – Məsələni çox uzatmayaq. Sən məni haman gənclə görsən qısqanacaqsanmı? – Sən bu haqqı mənə vermişsənmi? Jenya utana-utana dedi: – Bu haqqı mən sənə çoxdan vermişəm. Mən səni bu qədər aydın bir həqiqəti duymayacaq qədər idraksız hesab etmirəm... Pavluşa, mənə yaxşı qulaq as. Diplomat dilini bir tərəfə qoyaq. Mənimlə qəlbi açıq bir yoldaş kimi danış! Pavluşa onun üzünə diqqətlə baxıb dedi: – Gəl danışaq! Sən onu bilməlisən ki, mən heç vaxt səni qısqanmaram. Qısqanclıq tərbiyəsizlikdəndir. Lakin qəlbin sınmasın, qadın nə qədər mədəni və oxumuş olursa-olsun, yenə kişilərə nisbətən daha qısqanc olur. Qadınlar heç vaxt kişilərə inanmırlar. Jenya Pavluşanın üzünə tərs-tərs baxıb dedi: – Mədəniyyət kəlməsini aralığa atmasaydın, bəlkə də, sənin qadınlar haqqındakı yanlış fikirlərini tənqid etməzdim. Lakin mədəniyyətdən dəm vurub, mədəni olmayan sözlər danışmağın sənin savadsızlığını göstərir. Mən səninlə bu barədə uzun-uzadı danışmaq və filosofluq etmək istəmirdim. Mən səninlə ancaq məni təqib edən gənc barəsində danışırdım. – Çox gözəl, danış görüm nə demək istəyirsən? Jenya çox soyuqqanlı bir surətdə: – Əsəbiləşmə! — dedi. — Məni təqib edən gənc olduqca gözəl geyinir. Onun hər bir hərəkəti kübar ailəyə mənsub olduğunu göstərir. Bununla belə o bir xəfiyyədir, məni öyrənmək və polis əlinə vermək üçün göndərilmişdir. O, mənim dalımca kölgə kimi sürünür. Hələlik tanış olmamışıq. Casus olduğu şübhəsizdir, lakin mahir casus deyildir. Qıza yanaşması olduqca sadədir, uşaqcasınadır. Mən onun məqsədlərini öyrənmək üçün ona yanaşacağam, bunun üçün də məni qısqanma, bunu səndən rica etmək istərdim. Pavluşa: – Qısqanmaram! — dedi — Lakin, ehtiyatlı olmalısan, çünki casuslar şeytan balalarıdırlar. Onların bir hiyləsi də özlərini avam və sadə göstərməkdən ibarətdir. Sən gözəl qızsan, Bakı polisinin də şübhəsini qazanmısan. Onlar səndən çox acı bir intiqam ala bilərlər. Bunu da bilməlisən ki, gözəl və gənc qızların taleyini çox zaman zəngin və gözəl geyimli gənclər həll edirlər. Zənnimcə bunu çar polisi də bilir. Jenya gülərək dedi: – Sən məni tanıdığın halda, bu kimi sözləri mənə deyirsən? Sən vaxtında kimin qalib çıxacağını görəcəksən. Pavluşa istehzalı gülüşlə: – Biz ikimiz də gənçik, — dedi, — lakin bir məsələni unutmamalıyıq!.. – O hansı məsələdir? – Məğlub olanlar qalib çıxmağa tələsənlərdir. Bütün aldananlar, aldatmaq istəyənlərdir. Fikrini başına topla, sən bir təşkilat işçisisən, sənin casusları öyrənmək nəyinə lazımdır? Bir halda ki, onlar səni öyrənməyə çalışırlar! * * * Telefonnı küçədə adi hərəkət davam edirdi. Ağşəhərə, Qaraşəhərə gedən faytonlar, fabrik-zavod müdirlərini daşıyan təkatlı arabalar, konkalar sürətlə keçib gedirdi. Mədən dairəsindən şəhərə işləmək üçün gələn ağ çalmalı fəhlə qadınlar iş istəmək üçün qapıları döyürdülər. Küçədə şey satanların hay-küyü həyətə girən dilənçilərə hürən itlərin səsini itirirdi. Həyət süpürənlərin qışqırtısı da bu səslərə qarışıb küçənin ahəngini düzəldirdi. Ev xanımları, küçədə adam getməsinə baxmayaraq, ayaq altı xalçalarını balkondan aşağı silkələyirdilər. Stəkan dibində artıq qalan çaylar pəncərələrdən küçəyə atılırdı. Küçədən keçənlər də onları söyürdü; balkondakılar da bu söyüş qarşısında susmurdular: – Mazutda üzən qurbağa, üstü çındır, kirli, talesiz! — deyə cavab verirdilər. Küçədəkilər isə barmaqları ilə onları hədələyir: – Sizi oradan yerə tullamaq lazımdır! — deyirdilər. Balkondakılar küçə tinində duran qorodovoyu səsləyirdilər: – Bu tərbiyəsizi polis idarəsinə apar!.. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdənbirə dəyişdirdi. Suraxanıdan gələn qoçular, onların pusqusunda duran şəhər qoçuları ilə bərk atışmağa başladılar. Aptekin yanından keçən əli çantalı bir tərsanə fəhləsinə güllə dəydi. Fəhlə yıxıldı. Bu zaman Jenya oradan keçirdi. O, fəhlənin bağırtısını eşidib səksəndi və özündən getdi. Bir neçə dəqiqədən sonra gözlərini açıb, başını çoxdan bəri onu təqib edən gözəl gəncin döşündə gördü. Gənc cibindən loriganlı dəsmalını çıxarıb Jenyanın alın tərini sildi, diqqətlə gözlərinə baxdı. Jenya utanmış kimi gözlərini yumdu. Gənc Jenyanın əllərini və saçını oxşarkən, küçədəki atışma dayanmışdı. Qoçular çəkilib getmiş, həyət qapıları dalında gizlənmiş qorodovoylar yenə də postlarına qayıtmışdılar. Jenya tamamilə ayılmışdı. O, özünü doğruldaraq gənc oğlana dedi: – Çox razıyam! Mənə çox kömək etdiniz. Gənc soruşdu: – Özünüzü necə hiss edirsiniz? – Ürək keçməsi məndə təsadüfi deyildir. Bu həmişə məndə olur. Gənc yalvarışlı bir səslə: – İcazə veriniz, sizi ötürüm, — dedi. Jenya xəstə bir halda: – Sizə zəhmət olmazsa, mən özüm də bunu sizdən rica edərdim, — dedi. Onlar Torqovı küçədəki zəngin bir südxanaya girdilər, stol yanında oturdular. Gənc Jenyaya əlini uzatdı və: – İcazə veriniz tanış olaq, — dedi. Jenya ad və familiyasını deməkdən heç də çəkinmədi. Onsuz da polislər onun kim olduğunu gözəlcə bilirdilər. – Yevgeniya Sergeyevna. – Konstantin İvanoviç. Gənc oğlan əsil ad və familiyasını söyləməmişdi. Söhbəti birinci olaraq gənc başladı: – Şübhə yoxdur ki, siz bir müəssisədə çalışırsınız. – Yox... – Nə üçün? – Nə qədər çalışdımsa, yer tapa bilmədim. – İşləməyə marağınız varsa, düzəltmək mümkündür. – Bakıda bir işə girmək üçün vasitə lazımdır. – O vasitəni siz özünüz də axtara bilərsiniz, çünki müəssisə sahibləri fəhlənin gözəlliyini, tərbiyəli və ədəbli olmasını istəyir. Jenya qızarmış halda oğlanın üzünə baxdı: – Doğrudur! — dedi, — Bununla razılaşsaydım çoxdan bəri bir vəzifə əldə edə bilmişdim. Lakin mən fəhləni gözəlliyi səbəbinə işə qəbul edənlərin ruhunu oxşamağı bacarmıram. Oğlan soruşdu: – Təhsiliniz nədir? – Balaxanı məktəbini bitirmişəm. Gimnaziyaya girmək mümkün olmadı. Hər halda təhsilə olan həvəsim yenə də sönməmişdir. Jenya bu sözlərini çox təəssüflə dedi. Dərindən ah çəkib susdu. Gənc: – Həm işə, həm də gimnaziyaya düzəltmək mümkündür, — dedi. — Buna ancaq sizin icazəniz lazımdır. Məncə oxumaq daha məsləhətdir. – Atam da belə məsləhət görür. Lakin ehtiyac heç vaxt insanın özünün, yaxud başqasının verdiyi məsləhətlərlə hesablaşmır. Atam olduqca qocadır. Ailəmizin yaxın illərdə başsız qalacağı qorxusu da vardır. – Ailəniz böyükdür? – Yox, üç nəfərdən ibarətdir. – Onları yaşatmaq çox da böyük bir məsarif tələb etmir. – Elədir! Lakin yoxsulların qarşısında duran hər kiçik ehtiyac bir fəlakət qədər qorxulu və dəhşətlidir. Oğlan utanaraq soruşdu: – Əfv ediniz... nişanlısınızmı? – Xeyr! O barədə heç düşünmürəm də. – Nə üçün? – Yoxsul qızını dövlətli almaz. İki yoxsulun birləşməsi də iki səfalətin birləşməsi deməkdir. – Bu fəlsəfə doğrudur, lakin siz kübar ailədə yer tuta biləcək qədər gözəl və ədəblisiniz. – Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır. Oğlan bu sözlərə gülərək dedi: – Xanım qız, bu dedikləriniz fəlsəfədir, daha doğrusu, fantaziyaya daha yaxındır. – Görünür ki, siz qəzet oxumursunuz? – Xeyr, oxumuram! – Nə üçün oxumursunuz? – Qəzetlər gündəlik və müvəqqəti məsələlərə çox əhəmiyyət verir, ona görə də insanın ümumi mütaliəsinə pis təsir bağışlayır. – Doğrudur, qəzetlərdə ruha qida olacaq dəyərli materiallara təsadüf edilmir. – Hərgah sizdə oxumaq marağı varsa, mən sizin üçün əcnəbi qəzetləri də əldə edə bilərəm. Jenya gəncin nə məsələ ətrafında dolaşdığını hiss edib sözlərində daha diqqətli olmağa çalışırdı. – Mən ümumiyyətlə qəzetlərlə maraqlanmıram! — dedi. — Roman və hekayələr isə insana həyat yollarını və onların müxtəlif şəkillərini göstərir. Həyat məktəbini, ancaq romanlarla keçmək olar. Bəzən insanlar öz nöqsanlarını romanları oxumaqla da islah edə bilərlər. Gənc çox nəzakətlə dedi: – Yox, fikrinizə şərik deyiləm! – Nə üçün? – Əfv edərsiniz! İnsanların xəyalçı olması, həqiqətdən daha artıq xəyala yanaşması səbəblərini ancaq romanlarda aramalıyıq. Romançılıq, bəzən tarixi həqiqətləri də təhrif edir. Xülyaçılıq, yaradıcılığı nəticəsində də qəti nəzəriyyələri xəyalçı fəlsəfələrlə əvəz edir, daha doğrusu, insanın intixab qüvvələrini zəiflədir. Jenya başını tərpədərək: – Belə deyil, — dedi. — Romançılıq və hekayəçilik həyat və tarixi təhrif etmək deyil, əksinə, onu bədii şəkildə vermək deməkdir. Hərgah bir yazıçı öz yaradıcılığında yanılırsa, romançılıq və hekayəçilik xüsusiyyətlərini təhrif edirsə, bunun bizim müsahibəmizlə əlaqəsi yoxdur. Zənnimcə yazıçının fikri və həssaslığı, adi şəxsiyyətlərin düşüncə və idrak qüvvələrindən bir neçə qat üstündür. Onlar adi insanların düşünə bilmədiyi bir çox incə nöqtələri duya bilərlər. Bir romançı, ya bir hekayəçi hadisələri bədii və eyni zamanda oxucunun anlaya biləcəyi bir şəkildə ifadə edə bilərsə, fikri yolundan azdırmaq deyil, bəlkə insanın bədii zövqünü oxşamaqdır. Gənc, Jenyanı özündən razı buraxmaq üçün güzəştə getmək qərarına gəldi: – Mən özüm də beləyəm, — dedi, — hətta məndə sizin indiyə qədər oxumadığınız romanlar da vardır. – Nə kimi? Bir neçəsinin adını deyə bilərsinizmi? Gənc: – Bir neçəsini xatırlayıram, — dedi. — Məsələn, «İlk görüş», «Mahtablı gecələrdə busə», «Birinci öpüşlər», «Xırçın qız», «Sarı saçlar», «Şanlı intihar» kimi romanların oxunmasına mən özüm də tərəfdaram, çünki bunlar təbiətin gözəlliklərini, gənc ruhun qidalarını, sevginin doğduğu mənbələri, vüsalı, hicranı, intiharı şərəfli və sadəcə yazı sənətinin ən məqbul ifadəsi ilə insanın zehninə yedirə bilər. Bir də ki, gəncliyin gedəcəyi yolları bu kimi romanlar təyin edir. Gənc qəlbə yorğunluq hiss etdirməyən, gündəlik hadisələrin tozunu başdan və ürəkdən silib təmizləyən, insana yüksəklik, aliçənablıq verən, insanda kübarlıq yaradan bir vasitə varsa, o da yuxarıda saydığım romanlardır. Doğrudan da bu kimi romanları oxuyarkən məndə bəzən qəhrəmanlıq fikirləri doğur, bütün varlıq məndən alçaqda durur. Bəzən də mən dünya səyahətləri fikrinə düşüb, insana zövq verən xəyali bir gözəllik axtarışına getməyə hazırlaşıram, hərdən bir də dünyanı atıb asudə həyat keçirmək üçün yalnız bir sevgi düşüncəsi ilə qənaətlənirəm. Bir neçə gün bundan əvvəl mən Bayıl təpəsinin üstündə oturub baxırdım. Dənizdən aldığım təəssürat məni tamamilə bir şair və romançı halına gətirmişdi. Ətrafıma baxdıqca canlı obrazlara və bədii şəkillərə təsadüf edirdim. Günəşin qüruba məxsus şəfəqləri dənizdə göründüyü zaman, sanki təbiətin nurdan yaranmış çılpaq gəlinləri ağ mərmərdən düzəlmiş hovuzlarda çimir və dənizin üstündə gəzən ağ buludların yumşaq qətifələrinə bürünüb, bizim xəyalımızın dərk edə bilmədiyi nəhayətsiz boşluqlara çəkilirdi. Hələ ay çıxanda, şəfəqlərini dəniz pərilərinin mərmər sinəsinə tökəndə, insan şairlərin nə kimi obrazlardan ilham aldığını duymağa başlayır. Mən üzü ləkəli ayın iki parça ağ bulud arasından baxdığını görəndə, sanki qarşımda pudralanmaq istəyən gözəl və gənc bir qadın durmuş olur. Mən dünən gecə sahildə durub dənizə baxarkən, ayın şəfəqləri altında oynayan dalğaların vücuduna yabançı əl toxunan bir qız kimi diksindiyini görüb bədii zövq alırdım. Dəniz fanarı, bir hasar dalısından baxan və mərmər hovuzda çimən dəniz qızlarına tamaşa eləyən həris bir gənc gözləri kimi parıldayır, yenə də dalğaların dalına çəkilib gizlənirdi. Oğlan sözünü bitirçək, Jenya: – Bu təbii haldır, — dedi. — Siz saydığınız romanları hər kəs oxusa, sizin təsvir etdiyiniz obrazların içərisində çapalamağa məcburdur. Obrazçılığın özü də belədir. Onda adilik və normal bir xüsusiyyət aramaq doğru deyildir. Sizin dediyiniz obrazçılığın bu şəkli bir şəxsiyyətə, yaxud bir tabloya müəyyən bir sima verə bilməməyin nəticəsində doğan bir avaraçılıqdır. Ola bilər ki, sizin obraz qərar verdiyiniz bir tabloya, başqaları daha başqa ad, daha başqa obraz vermiş olur. Hər kəs öz bildiyi kimi təsvir elər, bununla da obrazlar həqiqətdən deyil, anlaşılmamazlıqdan meydana çıxmış olur. Mən dünən gənc bir şairin şerini oxuyarkən, verdiyi obrazlarına güldüm. O, göyü bir nimçəyə, göydəki ayı da kəsilmiş böyük dairəli kolbasaya bənzədirdi. Lakin siz ayı pudralanan bir qadın üzünə bənzədirsiniz. Mən bir söz söyləmək istəyirəm, acığınız gəlməz ki? Gənc gülərək: – Xeyr! — dedi, — rica edirəm söyləyiniz! Siz olduqca maraqlı və şirinsöhbət bir qızsınız; təsadüfümüz müvəffəqiyyətli bir təsadüfdür. Jenya dedi: – Heç şübhə yoxdur ki, siz aya baxıb ona gözəl və üzü pudralanmış bir qadın obrazı verdikdə qəlbinizdə sevdiyiniz bir qadın dolaşırdı. Lakin aya baxarkən qəlbinizdə mənfur bir sima dolaşmış olsaydı, o zaman ayın çöhrəsini pudralı və gözəl bir qadın üzünə deyil, ləkəli, çopur, nifrəti cəlb edən bir üzə bənzətmiş olardınız. Belədirmi? Gənc bu suala qarşı: – Belədir! — dedi. Jenya sözünə davam etdi: – Gənc şairin ayı kolbasaya bənzətməsi də bunun kimidir. Onun düşüncəsində kolbasa iştahası hakim olmasaydı, bəlkə də o, ayı bir nimçə plova bənzədərdi, yaxud kəsilmiş qarpızın yarısına oxşatmağa çalışardı. Bu sözlərdən sonra gənc oğlan qəhqəhə ilə güldü, stol üstündəki soyumuş qəhvələrin dəyişdirilməsi əmrini verdi və söhbətini davam etdirdi: – Yevgeniya Sergeyevna, birinci görüşümüz bədii söhbətlərlə başladı, buna görə də mən öz tanışlığımızın nəticəsini bədii bir gələcək kimi görməkdəyəm. Jenya: – Bəli, — dedi. — Gələcəyin bədii şəkil alması bizim özümüzdən asılıdır. – Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. Siz hər halda mənim söhbətimdən razı qalacaqsınız. Jenya dedi: – Orası doğrudur, lakin kübar ailələrdən çıxan zəngin bir gəncin fəhlə qızı ilə uzun müddət əlaqə saxlamağı qeyri-təbiidir. Hərgah bu mümkün olsaydı, mən də razı qalardım. Lakin bu mümkün deyildir! Oğlan başı ilə etiraz etdi: – Elə düşünməyə ehtiyac yoxdur. Mən heç kəsdən asılı deyiləm. Özüm öz taleyimin hakimiyəm. Sizə də bunu məsləhət görürəm. Jenya: – Yox! — dedi, — Mən özümü sizə layiq bilmirəm, çox yoxsul ailədənəm, səviyyəm olduqca aşağıdır. Bir də bizim tanışlığımız təzəcə başlayır. Adi bir tanışlığı səmimi sevgilərə qədər yüksəltmək doğru deyildir. Bəlkə də bundan bir saxtalıq hiss oluna bilər. Söhbət çox uzun çəkdi. Jenya qalxıb stansiyaya gedərkən, stansiyada sabah yenə də görüşmək vədilə ayrıldılar... * * * Qısqanclıq Jenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı. Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı. Gecə olduğundan vagon tamamilə boş idi. Jenya ilə Pavluşa oturan vagonda heç kəs yox idi. Vagonun şüşəsiz fənərinə qoyulan şam əriyib qurtarmaq üzrə idi. Bayır qaranlıq idi. Parovoz tısbağa kimi ağır-ağır gedirdi. Konduktor vagondakı tum qabıqlarını, papiros qırıntılarını süpürüb pəncərənin sınıq şüşələrindən bayıra atdı, lakin şiddətli külək zibilləri başqa bir pəncərədən içəri doldurdu. Jenya gözünü fənərin sönməkdə olan şamına dikib oturmuşdu. Nəhayət şam söndü, Jenya üzünü çevirdi, pəncərədən bayıra baxmağa başladı. Şiddətli külək davam edirdi. Keşlənin alçaq damları qabağında külək qum təpələri yaradırdı. Evlərin kiçik pəncərələrindən görünən işıqlar kor olmağa başlamış bir gözün bəbəyini xatırladırdı. Qatar tısbağa sürüsü kimi ağır-ağır gedirdi; şəhərdən kəndə qayıdan arabalar belə, parovozu ötüb keçirdi. Pavluşa heç dinmirdi, əlindəki bir parça kağızı dişilə didib vagona püfləyirdi. Jenya Pavluşanın hərəkətlərindən heç də xoşlanmırdı, onun yersiz qısqanclığı ilə özünü təhqir olunmuş hesab edirdi. Pavluşa Jenyaya inandığına, onu namuslu bir qız kimi tanıdığına baxmayaraq, yenə özünü ələ ala bilmir, Jenyanı qısqanırdı. Nə qədər fikirləşirdisə, Jenya ilə danışmaq üçün bir vasitə tapa bilmirdi. Çarəsiz qalıb məsələni gənc oğlandan başladı, yavaşçadan dedi: – İkimiz də gənçik! Sən görürsən ki, zahiri simamız belə bir-birinə oxşamır; onların qəlbi, düşüncəsi, əqidə və məfkurəsi də müxtəlifdir. İnsanın daxili xüsusiyyətlərini öyrənmək üçün nə bir maşın yaradılmış, nə də elə bir elm vardır. İnsanlar bu barədə hələ savadsızdırlar. Jenya başını pəncərədən çevirib, Pavluşadan soruşdu: – Sən bununla nə demək istəyirsən? Pavluşa yavaşça cavab verdi: – Mən deyirəm ki, o oğlan xəfiyyə-filan deyildir! – Sən bunu nə ilə isbat edə bilərsən? – Adamın ağlı var ya yox? – Əlbəttə ki, var! – İndi ki, ağlı var, gərək mühakiməsi də olsun. O, xəfiyyə olmuş olsaydı, indiyə kimi bir nəticə əldə etmişdi. – Mən imkan yaratsaydım, o nəticə əldə edə bilərdi. Pavluşa bu sözdən sonra dedi: – O səni sevir, mənim gözəl yoldaşım. Sevməsəydi sənin üçün pul xərcləməzdi. Bakıda belələri azdırmı? Sənin kimi gözəl qızlarla vaxt keçirmək üçün yüzlərlə pul sərf edənləri görmüşəm. Bakıdakılar gözəl qızları ovlamaq üçün pulu əsirgəməz. Əzizim Jenya, sən də haman ovlardan birisi deyilmisən? Sən düşünmədən, bu işin nəticəsini nəzərə almadan, adını, familiyasını, əqidəsini bilmədiyin bir əyyaşın ruhunu oxşamaqdasan. Jenya, burada başqa bir məsələ də ola bilər. Sən, əlbəttə, onu, məndən gizlətməməlisən. – O nə kimi məsələdir? – Bəlkə də o səni sevir, sən də onu sevirsən... Belə isə bunu məndən gizlətməyin nə mənası vardır? Sevgi elə bir şey deyildir ki, Pavluşanın və ya bir başqasının xatirinə güzəştə gedilsin... Mən bunu da demək istəyirəm ki, hələ varlığına tamamilə inanmadığım bu sevginin gələcəyi qorxuludur. Pavluşa çox uzun danışdı. Neçə gündən bəri ona demək istədiyi sözlərini tamamilə söylədi. Jenya çox acıqlanmışdı. Pavluşa ikinci kərə onun əlini sıxmaq istədikdə, Jenya əlini geri çəkdi. – Bu əli burax! — dedi. — Mən elə zənn edirəm ki, etibar eləmədiyin bu əl uzun müddət sənin əlini sıxmayacaqdır, çünki sənin əllərin inanmayan və yoldaşlıq əhdinə sadiq qala bilməyən əllərdir. Sən qısqanırsan. Mənim haman gənclə gəzdiyimə gəldikdə bu ancaq təşkilatın müdafiəsi üçündür. Bunu Lado yoldaş da bilir, Nikolay Petroviç də, Kazarenko da. Bəs onlar nə üçün sən deyən sözləri mənə demədilər? Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. Sən məsələyə qısqanclıq hissi ilə yanaşırsan. Neçə gündür ki, məsələni sənə anladıram, amma sən başa düşmək istəmirsən. Sən özünü köhnə başlı, mədəniyyətsiz kişilər kimi aparırsan. Bizim aramızda əqidə yoldaşlığı, bir də dostluq əlaqəsi var. Mən bunların ikisinə də and içirəm, mən öz qəlbimi və qəlbimdəkiləri heç kəsə satan deyiləm. Mən sənə and içməyə və haqq-hesab verməyə də borclu deyiləm, nə sən mənim ərim, nə də mən sənin arvadınam. Buna baxmayaraq, mən bir zərrəcə də olsa, səninlə olan əlaqəmin dəyişməsinə imkan vermirəm. Sən də gərək mənə azad işləmək imkanı yaradasan. Hərgah şəxsi və ya ümumi məsələlərdə mənə qarşı bir etirazın varsa, onu təşkilatda qoya bilərsən. Qoy təşkilat məni cəzalandırsın. Pavluşanı tər basmışdı, heç bir söz deyə bilmirdi. Qatar saat on ikidə dərin nəfəs ala-ala Sabunçu stansiyasında dayandı. Əvvəlcə Jenya, sonra Pavluşa vagondan düşdü. Onlar stansiyadan evə qədər uzun bir yolu piyada getməli idilər. Qoşa getmirdilər. Jenya yolun bir tərəfi ilə, Pavluşa isə başqa bir tərəfi ilə gedirdi. Pavluşa dayanıb, Jenyanı səslədi: – Jenya, gəl dolama və qısa yolla gedək. Jenya: – Dolama yolla gedənlər həqiqətə çox gec çatarlar! — deyərək yoluna davam elədi. Pavluşa bir neçə kərə Jenyaya yaxınlaşmaq istədisə də, qız yolunu dəyişdi, küsdüyü üçün onunla yan-yana getmək istəmirdi. * * * Ramanadan əsən şiddətli külək Jenyanın saçlarını dağıdırdı. Jenya yüzlərlə vedrədən taxta hovuzlara tökülən mazut şəlalələrindən təbii şəlalə nəşəsini alırdı. Ətrafdan axan mazutun səsindən, meşəli bir dağdan axan bulaqların zümzüməsini duyurdu. Elektrik çarxının boynuna dolaşan qayışın qəzəbli hərəkəti, mədən qarovulçularının fit səsləri, gözlərini kəlləçarxa dikib oturan tulumbaçının şərqiləri, haqq-hesaba gəlməyən buruqların arxasından eşidilən maşın gurultuları, mədən gecəsinə hakim olan zəhmət ordusunun hay-küyü, eyni zamanda onların dinlənilməz daxili fəryadları Jenyanı düşündürürdü. Onu mazut gölməçəsinin görünüşü, mazut gölməçələrində çay quşları kimi üzən elektrik lampaları, vulkan gurultusu verən fantan səsləri və şəvə rəngli fəzalar məşğul edirdi. Buruqların dalısından çıxan ay dumanlı dənizdə duran bir mayak kimi sısqa işıqlarını qara buruqlar üstünə yayırdı. Şiddətli külək xeyli aralıda vuran fantandan aldığı neft damcılarını ətrafa yayır, yolçuların üz-gözünü, paltarını isladırdı. Jenya özünü qorumaq üçün yerişini artırdı. Pavluşa: – Mən deyən yol ilə getsəydin paltarın da ləkələnməzdi, — dedi. Jenya kinayə ilə: – Mazut ləkəsini yumaq çətin deyil, — dedi, — lakin elə ləkələr vardır ki, onları ancaq ölüm təmizləyə bilər. Pavluşa bu sözün cavabını verə bilmədi, çünki evə çatmışdılar. * * * Gizli ədəbiyyat məsələsi Bu gecəki iclasda xaricdən gətirilən «İskra» qəzetinin vəziyyəti barəsində danışılacaqdı. Bu barədə Lado Ketsxoveli məruzə edəcəkdi. Məruzəçi sözünü belə başladı: – Biz indiyə qədər mühüm ədəbiyyatı xaricdən alırdıq. O ədəbiyyatın sırasında partiyamız üçün ən lazımlı olan «İskra» qəzeti də vardı. Bir zaman biz «İskra» qəzetinin özünü yox, matrisasını alırdıq. Bu da diş həkimi Sofiya Kinzburqun adına gələn pasılkalarla xaricdən Bakıya göndərilirdi. Son günlər gələn pasılkanın yeşiyi gömrükxanada əzildiyi üçün yeşikdə şübhəli şeylər olduğu məlum olmuş və buna görə də Jandarm çağırılmışdır. Sofiya Kinzburq həbsə alınmışdır. Sofiya nə qədər danışdırılmışsa, bu məsələni boynuna götürməmiş və sirləri açmamışdır. Biz bu barədə «İskra»nı göndərən yoldaşlara xəbər verdik. Onlar bizə Bakıdakı işləri ixtisar etmək və nəqliyyat ilə əlaqəyə girişməyi məsləhət görürlər. Bu gün Batumidən aldığımız məlumata görə Marseldən, Batumiyə işləyən «Paqe» cəmiyyətinin kəmisində Bakı üçün ədəbiyyat göndərilmişdir. Ədəbiyyatı kəminin aşpazı gətirir. Hazırda bizim müzakirə edəcəyimiz məsələ varsa, o da buradan Batumiyə gizli ədəbiyyat aparmaq və Marseldən paroxodla Batumiyə gələn ədəbiyyatı Bakıya gətirməkdən ibarətdir. Bunun üçün də etibarlı və bacarıqlı yoldaşlardan birisini göndərmək lazımdır. Ketsxoveli sözünü bitirdikdən sonra iclasdakılar suallı baxışlarla bir-birinə baxdılar. Çar jandarmeriyası Bakı ilə Batuminin sıx əlaqədə olduğunu bildiyindən Bakıdan Batumiyə gedənlərə, Batumidən Bakıya gələnlərə olduqca ciddi diqqət yetirirdi. Son vaxtlar Bakıdan xaricə bir parça kağız çıxarmaq belə mümkün deyildi. İclasdakıların hamısı bunu bilirdi. Jenya: – Bu vəzifəni mən öz öhdəmə götürürəm, — dedi. Pavluşa soruşdu: – Nə cür yerinə yetirərsən? Jenya qəti olaraq: – O mənim işimdir, — dedi. — Hərgah vəzifə mənə tapşırılarsa, mən öz planımı söyləyə bilərəm. * * * Jenya səyahət istəyir Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı. Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu. Gənc, Jenyanın bu hərəkətini yeni bir təşəbbüsün başlanğıcı hesab edirdi. Bunu öyrənmək üçün bir yol axtarırdı. – Bu gün mənim gözəl dostum həyatdan narazı qalan düşüncəli bir qıza bənzəyir, — dedi. Jenya: – Elədir, — dedi. — Həyat insanı yorur. Həyat olduqca yekrəngdir. İnsanın bu gün etdikləri dünənkilərin ardı deməkdir. Sanki mənim günlərimin hamısı bir ölçüdə, bir şəkildə və bir çərçivədədir. Mən şəxsən bir-birinin eyni olan günləri tez-tez keçirməklə ölümə doğru tələsməkdəyəm. Mənim həyatım qəmli bir həyatdır. Şəhərdə yaşamaq sizə rahatlıq və nəşə verir, lakin mən hisli, kirli Sabunçuda doğulmuşam, böyümüşəm, oxumuşam, orada da ölməliyəm. Mən qəfəsə salınmış bir quş kimiyəm. Qanadım var, lakin uçmağa imkan yoxdur; özümü bir dustaq kimi hiss edirəm. Həyatımı bürüyən şərtlər mənə bu dairədən çıxmağa yol vermir. Mən və mənim kimi bir çoxları həyat şəraitinin təsirində olaraq, dünyanın ancaq müəyyən bir yerində həyat keçirmək məcburiyyətindəyik. Uzaqlara demirəm, Bakıdan qırağa çıxmaqdan, Xəzər dənizi ilə Qara dəniz arasındakı kiçik sahəni görməkdən belə məhrumam. Gənc, Jenyanın bu sözlərindən çox sevindi. Jenyanın bir səyahət üçün zəminə hazırlamaq istədiyini duydu. Gözlərində dərin xəyanətlərin gizli sirləri dolaşmağa başladı. – Gözəlim, mədəni və varlı Bakıda yaşamaqdan yoruldunmu? Jenya: – Mənim dırnağım yerində olmayanlar yaylalarda, mədən sularında, gözəl dəniz sahillərində, Avropa səyahətində həyat keçirirlər... Bəs mənim hisli-paslı Sabunçuda yaşamağım yorucu deyilmidir? Gənc soruşdu: – Siz səyahət etməkmi istəyirsiniz? Jenya: – Səyahəti sevirəm, — dedi, — xüsusilə Qara dəniz sahilləri ilə maraqlanıram. – Bu o qədər də çətin bir şey deyil ki... – Mənim üçün çox çətindir. – Bu səyahəti sizin üçün düzəltməyi mən öz öhdəmə götürürəm. – Siz məni bu qədərmi sevirsiniz? – Sevgimin adi sevgilərdən olmadığına and içirəm. Bu sevgi müvəqqəti deyildir. Mən hətta sevgiyə: «Müvəqqəti bir hadisə, tez sönən bir məşəl» deyib səhv edənlərlə də razılaşa bilmərəm. Mən əsil sevginin müvəqqəti olmadığına inanıram. Mən doğulduğum gündən bir ay bundan əvvələ kimi görmədiyim və tanış olmadığım, hətta haqqında bir gün də olsa düşünmədiyim bir qız üçün indi hər saat, hər gün düşünürəm, onu heç vaxt unuda bilməyəcəyimi hiss edirəm. Jenya: – Doğrudur! — dedi. — Mən bütün bunları sizə qarşı bəslədiyim səmimi əlaqələrdə təcrübədən keçirməkdəyəm. İndi mən də həqiqət saymadığım bir işə inanıram: dünyada ikitərəfli sevgi ola bilərmiş! Siz: «Əsil sevgi xarici qüvvə məhsuludur», deyə onun təhlil edilməsinin mümkün olmadığını iddia edirsiniz, lakin mən o xarici qüvvəni təhlil etmiş və həmin sevginin səbəblərini anlamışam. Mən indi bilirəm ki, bir-birini sevən iki gəncin ruhu və daxili duyğuları da bir-birinin eynidir. Buna görə də onlar bir-birindən ayrı yaşaya bilməzlər. Gənc həm Jenyaya qulaq asır, həm də düşünürdü. Onun düşüncələrini görünüşündən oxumaq çox da çətin deyildi. O, iki yolun ayrıcında durmuşdu — həm Jenyanın, həm də özünün gələcəyi haqqında düşünürdü. O sevir, lakin özünü o sevgidən çəkindirirdi, çünki onun vəzifəsi ilə sevgisi bir yerdə yaşaya bilməzdi. Vəzifəsi imkan versəydi, bəlkə də o, Jenyanı sevər və ondan ayrılmazdı, bəslədiyi xain fikrindən də əl çəkərdi. Gənc qızı tutdursunmu? Jandarmların əlinə versinmi? Onun sürgünlərdə, dustaqxanalarda çürüməsinə imkan yaratsınmı? Bu kimi düşüncələr gənc casusu uzun zaman öz təsiri altına aldı, lakin yenə o xain fikirlərindən əl çəkmədi, öz-özünü danlamağa başladı: «Sən çox axmaq fikirlər edirsən! Sən vəzifəndə qalib çıxsan, yalnız Jenya deyil, yüzlərlə Jenyaları əldə edə bilmək imkanı yarada biləcəksən!» Jenya da düşünür, öz-özünə deyirdi. «Mən bu casus gənci necə olursa-olsun məğlub edəcəyəm! Bu adam uzun zaman çalışması nəticəsində çar jandarmeriyasından böyük bir mükafat deyil, ağır cəza alacaqdır. Bu adamı tutduğu casusluq yolundan qaytarmaq mənim vəzifəm deyil, buna vaxtım da yoxdur. Bu gənc də, bunun kimi yüzləri də çar polisinin xain məqsədi yolunda istifadə edilən bir alətdir». Jenya bu fikirlərlə məşğul ikən gənc casus da öz düşüncəsinə yeni bir şəkil verməyə başlamışdı: «Bəlkə də bu qızı polis xidmətinə keçirə bildim... Bəlkə də biz əməkdaşlıq edə bildik. Hərgah belə bir qız mənimlə bərabər çalışmağa razı olarsa, mən nə işlər görə bilərəm?!» Çox düşündülər. Nəhayət, gənc səssizliyi pozdu: – Əmin olunuz, sevdiyim! Siz Qara dəniz sahillərini səyahətə gedəcəksiniz. * * * Jenya Batumiyə gedir Gənc xəfiyyə həddindən artıq sevinirdi. Nə üçün də sevinməsin? Bu səfərində o iki quşu bir güllə ilə vuracaqdı: həm gizli ədəbiyyat aparan Jenyanı Batumidə ədəbiyyatla bərabər tutduracaq, həm də Batumidə fəhlə hərəkatı rəhbərlərini öyrənib jandarm idarəsinə xəbər verəcək idi. Biletlər yumşaq vagona alınmışdı. Hambal, Jenya ilə gənc casusun çemodanlarını kupeyə qoydu. Orada iki nəfər başqa adam da oturmuşdu. Onlardan birisi Moskva taçirlərindən idi. O, çay əkini işləri ilə tanış olmaq üçün Çakvaya gedirdi. İkincisi də bir erməni keşişi idi. Onun oğlu Odessa şəhərində evləndiyi üçün atasını toya çağırmışdı. Jenyanın çemodanı gənc xəfiyyənin gözü qarşısında moskvalı taçirin çemodanı ilə yan-yana dururdu. Moskva taçiri öz çemodanını açdı, bir kitab çıxarıb oxumağa başladı. Gənc xəfiyyə gözünü Jenyanın çemodanından ayırmırdı, çemodanların dəyişik düşməsindən qorxurdu. O öz gələcəyini, səadətini, bütün varlığını bu çemodandan asılı görürdü. Ona görə də bir qalibiyyətə, hətta qazanılmış bir qalibiyyətə sahiblənmək üçün getdiyinə sevinirdi. Gülürdü, oxuyurdu, çürbəçür lətifələrlə Jenyanı məşğul edirdi. Jenya da gülürdü, gənc xəfiyyənin lətifələrini öz lətifələrilə qarşılayırdı. Batumiyə yaxınlaşırdılar. Rus taçiri vidalaşıb Çakva stansiyasında düşdü, keşiş Batumiyə qədər gedəcəkdi. Jenya nazlana-nazlana dedi: – Mən sizi heç unutmayacağam, sizin məhəbbətinizi də heç bir məhəbbətlə dəyişməyəcəyəm. Siz mənə ömrümdə görə bilməyəcəyim bir səadəti qazandırdınız. İndi mən keçmiş günlərimin pis keçdiyinə təəssüf edirəm. Mən nə üçün sizinlə əvvəldən tanış olmadım! Gənc xəfiyyə: – Mənim yaxınlığım sizə həyatın nümunəvi bir səadətini verəcəkdir. Siz həyatın nədən ibarət olduğunu bundan sonra görəcəksiniz, — dedi və yenə də oxumağa başladı. Dəmiryol qatarı uzun tüneldən çıxıb yaşıl meşənin qoynuna girdi. Parovoz boz saçlarını dalına atıb dərindən nəfəs aldı... Qara dəniz görünürdü. Suyun qəlbindən qalxan günəşin ilk şüaları otların, yasəmənlərin şehli saçlarını qurudurdu. Miniklər vagonun pəncərəsindən gözəl mənzərəyə baxdıqca özlərini başqa bir aləmdə hiss edirdilər. Jenya da sol tərəfdə görünən çiçəkli meşələrdən, sağda günəş şəfəqləri altında parlayan Qara dəniz ləpələrindən gözünü çəkə bilmirdi. Lakin gənc casus gözlərini Jenyanın çemodanına dikib durmuşdu. Qara dənizin səhərə məxsus boz ipək örtüləri altında nazlanan Batumi şəhəri göründü. Fikus ağaclarının güzgü kimi parlayan yarpaqları qatarı salamlayırdı. Batumi limanında duran kəmilərin dirəkləri uzaqdan kiçik qutulara taxılmış kibrit çöpü kimi görünürdü. Jenya Batumidə görüşmək istədiyi yoldaşları haqqında düşünürdü: – Nə olaydı, yoldaşlar Batumidən getməmiş olaydılar! Onlar mənim bu müvəffəqiyyətimi görsəydilər nə qədər çürətli bir qız olduğumu bilərdilər. Gənc casus isə Jenyanı başdan-ayağa süzür, çox çəkmədən ondan ayrılacağını, onu jandarmlar pəncəsinə verəcəyini düşünürdü. Bununla da həm sevinir, həm də bu kimi gözəl bir qızı itirəcəyinə təəssüf edirdi. Jenya ondan soruşdu: – Biz hara düşəcəyik? Gənc casus: – Mehmanxanaya, — dedi. – Bizim burada tanışımız da vardır. Bəlkə ikimiz də ora düşə bildik? – Yox, orada heç rahat ola bilmərik. Mehmanxanada daha yaxşıdır. «Yalta» oteli çox təmiz, çox da səfalıdır. Jenya sevinclə: – Etirazım yoxdur, — dedi. — Oradan Qara dəniz görünmüş olsaydı, mən daha razı qalardım. – Dəniz otellərin hamısından görünür. Arxayın olun. Qatar palma ağacları içərisində gizlənən stansiyanın qabağında dayandı. Çar jandarmları dərhal vagondan düşənlərin üstünü aldı, şübhəli hesab edilənlər şeyləri ilə bərabər jandarm idarəsinə aparıldı. Nə gənc xəfiyyənin, nə də Jenyanın şeylərinə əhəmiyyət verildi. Şübhəsiz ki, gənc xəfiyyənin Batumiyə gələcəyi və özü ilə bərabər yağlı bir ov gətirəcəyi Batumi jandarm idarəsinə xəbər verilmişdi. Faytona oturub «Yalta» mehmanxanasına getdilər. Çemodanlar içəri qoyuldu. Jenya da, gənc casus da sevinirdi. Jenya qazandığı qalibiyyətdən, gənc xəfiyyə də təsəvvür etdiyi müvəffəqiyyətdən şadlanırdılar. Gənc casus bir saatdan sonra Jenyanın ədəbiyyatla dolu çemodanının jandarm idarəsində olacağını yəqin edirdi. O, sevincindən Jenyanın əllərindən tutub özünə tərəf çəkdi, dodaqlarından öpmək istədi. Jenya əllərini onun əlindən dartıb aldı, geri çəkilərək: – Evləndikdən sonra! — dedi. Gənc xəfiyyə gülümsünərək: – Evlənmək? Bəli, evlənmək... evlənmək... Buna çox qalmamışdır, — dedi və əllərini bir-birinə sürtməyə başladı. Jenya əl-üzünü yumaq üçün bayıra çıxdı. Xəfiyyə bundan istifadə edərək Jenyanın çemodanını böyük bir təlaşla açdı, o saat da bütün halı dəyişdi. Onun gözlədiyi şey çemodanda yox idi. Orada ancaq Jenyanın paltarı, bir də bir neçə adi kitab var idi. Gənc xəfiyyə həyəcandan titrəməyə başladı, az qaldı dəli olsun. Əlləri ilə başına vurdu. Özünü öldürmək istədi. Silahı yox idi. Oturub düşündü; yenə qalxıb gəzinməyə başladı. «Bütün zəhmətlərim hədərə getdi. Hökumətin pulunu xərclədim. Qız inqilabçı deyilmiş. O məni aldadırmış. Batumiyə gəzməyə getmək istədiyi üçün mənə yaxınlaşırmış. Mən onu Bakıdan Batumiyə qədər gözdən buraxmadım. Bunda gizli ədəbiyyat vardısa, bəs necə oldu?!». Gənc xəfiyyə öz gələcəyi haqqında düşündü, çünki polis və jandarm idarəsi onu azad buraxmayacaqdı. Ancaq heç bir şey tapa bilmədi. Özünü üçüncü mərtəbədən atmaq istərkən, Jenya içəri girdi və soruşdu: – Əziz dostum, sizə nə olub? Halınız nə üçün pozğundur? Xəfiyyə titrək səslə: – Doğrudan da halım çox pozğundur, — dedi, — görünür, Batuminin havası mənə düşmür. Jenya özünü itirmiş kimi: – Elə isə tez geri qayıda bilmərikmi? Gənc casus həyəcanlı bir surətdə: – Əlbəttə, qayıda bilərik, — dedi. — Burada oturunuz, mən bir həkimə gedim. Gənc paltosunu geyib bayıra çıxdığı zaman Jenya ona dedi: – Mənim əzizim, sənə yenə soyuq dəyər... Bu sözlər gənc casusa güllə kimi dəydi. O qayıdıb Jenyanın üzünə acıqlı baxdı, qapını çırpıb, bayıra çıxdı. Jenya qapının dalını vurub qəhqəhə ilə güldü. Çay gətirdilər. İkinci stəkanı içib qurtarmamışdı ki, qapı vuruldu. Gənc xəfiyyə ilə bərabər iki Jandarm onbaşısı içəri girdi. Jenya gənc xəfiyyəyə yazığı gəlmiş kimi: – Aman, əzizim! — dedi, — Başına bir fəlakətmi gəldi? Gənc casusun danışmağa halı yox idi, o ancaq qurumuş dodaqlarını dili ilə isladır, qorxusundan titrəyirdi. Jandarm nəfərlərindən birisi: – Xanım qız, — dedi, — icazə verin, sizin otağı axtaraq. Jenya heç də özünü itirməyərək: – Buyurun, axtarın — dedi. Otağı axtardılar. Heç bir şey tapmadılar. Jenya ilə gənc xəfiyyəni baş jandarm idarəsinə apardılar. Keşiş də orada idi. O, xaç vurur, gözündən damcı-damcı yaş tökürdü. Jandarm miralayı Jenyadan soruşdu: – Bu oğlan kimdir? Doğrusunu de! – Bu oğlan Konstantin İvaniçdir! – Bunun səninlə nə əlaqəsi var? – Nişanlımdır. – Nə vaxt tanış oldunuz? – Altı aydır. – Batumiyə nə üçün gəldiniz? – Gəzmək üçün. – Sizin yanınızda başqa miniklər də var idimi? – Var idi; birisi erməni keşişi, birisi də gənc rus taçiri idi. – Sən inqilabçısan? – Elə bircə o qalmışdı! – Gizli ədəbiyyat necə oldu? – Çemodanda idi, amma gizli deyildi. Onları Konstantin də gördü və mənzili axtaran jandarmlar da götürüb baxdılar. – Çay taçiri necə oldu? – Çakva stansiyasında düşdü. – Taçirin Konstantin İvaniçlə əvvəldən tanışlığı var idimi? – Bilmirəm. Ancaq onlar vagonda tanış oldular. – Sən Konstantin İvaniçin haqqında daha nə deyə bilərsən? – Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. Onun inqilabçılar və gizli ədəbiyyat işləri ilə heç bir əlaqəsi yoxdur. – Bayıra çıx! Jenya bayıra çıxdı. Keşiş yenə də ağlayır, tez-tez xaç vurur, günahsız yerə tutulduğunu söyləyir, həzrət İsanı və allahı köməyinə çağırırdı. Jenyanın getməsinə icazə verilməmişdi. İki jandarm nəfəri onun keşiyində durmuşdu. Bir neçə dəqiqədən sonra, onu dübarə içəri çağırdılar. Jandarm miralayı Jenyaya dedi: – Sən gedə bilərsən! Sonra keşişə dedi: – Sənin haqqında da Bakıya xəbər verilmişdir. Oradan xəbər gəlincəyə qədər sən Batumidə qalmalısan. Keşiş ağlaya-ağlaya yalvarmağa başladı: – Allaha və həzrət İsaya inanın, mən bir fəqir keşişəm, məni burada saxlamayın, oğlumun toyuna çata bilmərəm. Miralay gülərək dedi: – Teleqram göndərin toyu bir az keçikdirsinlər. Bakıdakı toy daha mühüm toydur... * * * Jenya yüngül bir sorğudan sonra jandarm idarəsindən buraxıldığına heç də inana bilmirdi. Tez-tez yeriyirdi. Yanı ilə gedən jandarm nəfərinin onu dustaqxanaya apardığını zənn edirdi. Birbaş «Yalta» otelinə gəldilər. Jandarm nəfəri gənc casusun şeylərini götürüb getdi. Jenya pəncərənin qabağında oturub xeyli düşündü. Bakıda adreslərini aldığı adamları görmək lazım idi. Paltarını dəyişdi. Qapıdan bayıra çıxarkən otel sahibinin arvadı ona yanaşıb dedi: – Mən sizi görmək üçün gəlirdim. Jenya onu içəri çağırdı: – Elə isə otağa buyurun. Qadın içəri girib oturdu. Jenyanı ayağından başına kimi gözdən keçirib soruşdu: – O yazıq gənci nə üçün tutdular? – O barədə heç bir söz deyə bilmərəm, jandarm idarəsində buna aid heç bir söz demədilər. – O sizin ərinizdimi? – Xeyr, evlənmək istəyirdik. – O, inqilabçı idimi? – Bilmirəm. – İndi siz burada nə etmək istəyirsiniz? Sizin burada tanışınız vardırmı? – Tanışımız olmamış deyildir. Olmasa da eybi yoxdur, özüm yenə də Bakıya qayıda bilərəm. – Otağı hələ buraxmırsınız ki? – O barədə düşünməyiniz, otaq pulu vardır. – Mən o mənada soruşmadım. Sizə kömək etmək istəyirdim. – Çox razıyam! Sizin bu fikrinizin qiyməti, köməkdən bir neçə qat yüksəkdir. – Bəlkə də sizin yoldaşınız inqilabçıymış? – Tutaq ki, inqilabçı imiş, hazırda onu tutmuşlar. Əlimizdən nə gələr? – Nə üçün? Kömək etmək mümkün idi. Burada inqilabçılar var. Onun dustaqxana əziyyətini yüngülləşdirməyə, həm də ehtiyacını ödəməyə çalışardılar. – O, bir inqilabçı isə inqilabçılar onun tutulmasını hamıdan qabaq eşidər və əllərindən gələni də əsirgəməzlər. Jenyanın bu sözündən sonra qadın dedi: – Elə isə bu gün şəhərə çıxmayın. – Nə üçün?! Bir hadisəmi olmuş? – Bəli, bu gün şəhər qorxuludur... – Nə olub ki? – Dünən, ayın 8-də, Batumi polisi Xaçaturov zavodunun fəhlələrindən bir çoxunu tutmuşdur. Bizim aldığımız xəbərə görə, bu gün bütün Batumidə zavod və müəssisələrin fəhlələri nümayiş edib, yoldaşlarının azad olunmasını tələb edəcəklər. Jenya bu sözdən çox sevindi. Qadından soruşdu: – Bu günmü? – Bəli, bu gün! Nümayiş bu gün olacaqdır. Ayıq olun, bu gün bayıra çıxmayın! Jenya daha bir söz demədi. Bayıra çıxmaq üçün hazırlandı. Qadın onun saçlarını sığallayaraq dedi: – İndi ki, bayıra çıxırsınız, bir az ayıq olun! Jenya pilləkənlərdən aşağı düşdü, sevincindən küçənin hansı tərəfinə gedəcəyini unutmuşdu. Heç də düşünmədən, Kandelakinin evini soruşub yola düşdü. Jenya onu öz qapısında tapdı, tanış oldu. Onlar birlikdə Xaçaturovun zavoduna getdilər. Fəhlələrin hamısı qapıda və zavodun həyətində toplanmışdı. Nümayiş başlandı. Jenya da nümayişçilərə qoşuldu. O, Xaçaturov, Rotşild və başqa zavodların nümayişçiləri ilə bərabər yeriməkdə idi. Şüarlar, tutulmuş fəhlələrinin azad edilmələri şüarından ibarət idi. Nümayişçilər dustaqxanaya sarı irəliləyirdilər. Jenya Daraxvelidze, Mixail Qabuniya, Kandelaki, Yemelyan Kapaleyşvili yoldaşların sırasında gedirdi. Batumi polisi də lazımı hazırlıqlar görmüşdü. Nümayişçilər dustaqxana binasına yaxınlaşarkən, soldatların süngüləri ilə qarşılandılar. Soldatların kapitanı Antadze qışqıraraq: – Dağılın! — dedi. — Dağılmasanız, soldatlara atəş əmri verəcəyəm! Jenya ilə yan-yana gedən İnjerabyan və bir neçə başqası dayanmaq istədi. Onlar tərəddüd göstərməyə başladılar. Bu zaman kəskin bir səs eşidildi: – Dağılmayın! Tutulanların azad olunmasını daha qəti tələb etməliyik. Bu səs, dəstələri qəti mübarizəyə sövq etdi, nümayişçi dəstələr irəliləməyə başladılar. Yaylım atəşi açıldı. Dəstələrdən nümayişçilər də soldatlara daş atmağa başladılar. Silahsız mübarizəyə çıxan Batumi fəhlələri: «Yoldaşlarımızı verin!» — deyə qışqırdılar. İkinci yaylım atəşi açıldı. Onlarca fəhlə yerə sərildi. Jenya irəli gedənlərlə ayaqlaşa bilmədi. Güllə onunla yan-yana gedən Yemelyan Kapaleyşvilini yerə yıxdı. O da can verməkdə olan mübariz fəhlənin başını dizi üstünə aldı. Fəhlə öldükdən sonra qalxdı, nümayişçilərlə bərabər geri çəkildi. Jenya burada Rotşild fəhlələrindən Kuridze ilə tanış oldu və onunla Batumi ətrafındakı Bartsxane kəndinə getdi. * * * Jenya Bartsxane kəndində bir çox Batumi fəhlələri ilə tanış oldu. Vasyanı gördü. Çakva stansiyasında Jenyanın ədəbiyyatla dolu çemodanını dəyişdirib vagondan düşən Vasya kəndli arabası ilə Batumiyə gəlib ədəbiyyatı lazımi yerinə təhvil vermişdi. Fransız şirkətinin paroxodu ilə Batumiyə Marseldən Smidoviç tərəfindən gizli ədəbiyyat göndərilmişdi. Paroxod iki gündür ki, limanda durub yük verir və yük qəbul edirdi. Lakin ədəbiyyatı kəmidən çıxarıb gətirmək mümkün deyildi, çünki Batumi polisi, əcnəbi məmləkətlərdən Zaqafqaziyaya gizli ədəbiyyat gətirildiyini yəqin etdiyindən əcnəbi kəmilərindən çıxarılan mallar haqqında ciddi təhqiqat aparırdı. Yığıldılar, bu barədə çox düşündülər. Hər kəs bir cür fikir söylədi. Bəziləri ədəbiyyatın kəmidən az-az çıxarılmasını təklif etdi. Bu təklif qəbul edilmədi, çünki ədəbiyyatı gətirən aşpaz ədəbiyyatın bütövlüklə çıxarılması təklifində inad edib durmuşdu. Çox götür-qoydan sonra, iki nəfər kontrabandçı tapmaq, onların qayığını əldə etmək, fransız paroxodu gecə sahildən dənizə çəkildiyi zaman ona yanaşmaq və ədəbiyyatı alıb geri qayıtmaq qərarı qəbul edildi. Kontrabandçıları tapıb gətirdilər. Onları başa saldılar. Qayıqlarını nə vaxt və harada hazır edəcəklərini söylədilər. Jenya otel sahibinin şübhəsini qazanmamaq üçün geri qayıtmalı idi. Buna görə də axşam yeməyindən sonra yoldaşları ilə, o sıradan Vasya ilə vidalaşıb şəhərə qayıtdı. Otel sahibinin arvadı onu koridorda qarşıladı və onunla bərabər otağa girib soruşdu: – Ay qız, sən belə qorxulu gündə harada qaldın? – İndiyə qədər gəzdim, zavallıdan heç bir xəbər tuta bilmədim. Bilmirəm onu harada saxlayırlar. Polis idarəsindəmi? Dustaqxanadamı? Bir şey öyrənə bilməyib, geri qayıtmağa məcbur oldum. – Nümayişi gördünmü? – Yox! Nümayiş olan tərəflərə getmədim. Qadın daha bir neçə sual verdi. Jenya onların hamısına lazımi cavablar verdi, yatmağa hazırlanırkən, qadın vidalaşıb çıxdı. Jenya lampanı söndürüb pəncərənin qabağında oturdu. Yuxusu gəlmirdi. Marseldən gələn ədəbiyyatın jandarm əlinə düşməsindən çox qorxurdu. Onun əldə etdiyi qələbə, həmin ədəbiyyatı Bakıya aparmaqla tamamlanacaq idi. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. Uzaqdan görünən və ləpələrin hərəkəti ilə titrəyən dəniz fanarı, uzun gecəni yuxusuz qalmış bir qarovulçunun gözləri kimi işarır, kirpiklərini qırpırdı. Qorodovoy və jandarm fitlərinin «Tamara» fortlarına əks edən səsləri, Əziziyyə məscidinin minarəsindən gələn bayquş qəhqəhələri çar Batumisinin gecə nəğmələrini təşkil edirdi. Dalğaların qəlbindən qopan, şəhəri titrədən küləklər, Batumi fəhlələrinin qəlbindən qopan sarsıdıcı qəzəbi xatırladırdı. Limandan uzaq, açıq dənizdə duran əcnəbi paroxodlarını yoxlayan sahil projektorları gizli ədəbiyyat gətirən fransız paroxodunu yoxlamağa başlarkən, Jenyanın düşüncəli gözlərində də ildırımlar çaxırdı. Jenyanın intizar, qorxu və düşüncə dalğasında üzən qəlbi, ədəbiyyatı gətirmək üçün göndərilən qayıq kimi çapalayırdı. Limanı dolaşan hərbi qarovul gəmisinin dağlara əks edən siqnalı «Yalta» otelinin pəncərəsi qabağında oturan Jenyanın qulaqlarını dırmaqlayırdı. Şam meşələri dalından yenicə çıxan ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. Şəhər olduqca sakitdi. Ancaq parovozların manevr səsi, gəmilərin son islıqları, qorodovoy və jandarmların fit səsləri eşidilirdi. Şərq üfüqləri şəfəq saçarkən, ulduzlar cənuba doğru axarkən, sönüb gözdən itərkən, ay gəlib «Yalta» oteli üstündən keçərkən, meşə quşları səhər nəğməsinə başlarkən Əziziyyə məscidinin minarəsində o ulayan bayquşun səsi azançının səsi ilə həmahəng oldu. Bu arada bir nəfər pəncərə altında durub sanki papirosunu alışdırmaq üçün iki kərə kibrit çəkdi. Jenya sevindi. Axı o, ədəbiyyatın paroxoddan götürülüb lazımi yerinə verildiyini bildirən bir siqnal idi. * * * May nümayişi 1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi. Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı. Rayondan şəhərə və şəhərdən rayona getmək çox çətinləşmişdi. Bakı polisi, üstü köhnə və hisli olan hər adamı köpəkcəsinə güdür, nəzarət altına alır, onu bir inqilabçı hesab edirdi. Şəhərdə və rayonlarda iclas çağırmaq, məsələləri ümumi iclaslarda həll etmək heç cür mümkün deyildi. Pavluşa və Jenyanın Sabunçuya gedib gəlməsi də polisin diqqətini cəlb etməkdə idi. May bayramı nümayişinə çıxmaq lazım idi. Yoldaş Ladonun təklifinə görə bu nümayiş Bakı əməkçilərinin açıq nümayişi və topladığı inqilabi qüvvənin birinci imtahan nümayişi olmalı idi. Bu məqsədlə də nümayişə hazırlıq üçün ümumi iclas çağırmaq və əməkçiləri lazımi qədər təşkil etmək lazım gəlirdi. Jenya və Pavluşanın tez-tez şəhərə gəlib Balaxanı—Sabunçu dairəsinə getməsi hazırlıq iclasının şəhərdə və ya Balaxanı — Sabunçu dairəsində baş tutacağı barəsində jandarm idarəsini inandırmışdı. Buna əsasən fabrika, zavod və mədənlərdə gizli çalışan fəhlə hərəkatı xainlərinə, aşkar və gizlin işləyən xəfiyyələrə lazımi göstərişlər verilmişdi. Bibiheybət dairəsində də Bakı polisinin ciddi hazırlıq hərəkatı gözə çarpırdı. Lakin Bakı polisi yanılmışdı. O, şəhər və rayonları ciddi nəzarət altına alırkən, əməkçilərin ümumi iclası Keşlə düzündə baş tutdu. Əməkçilər bu iclasa tək-tək gəlirdilər. Qərara alınmış təpənin dalına məğrur və qorxmaz addımlarla gələnlər addımlarını hara qoyduğunu və nə üçün getdiyini bilir, gələcək Bakı — əməkçi Bakısı xəyalında canlanır, gələcəkdə qələbə çalacağına inanırdı. Pavluşa ilə Jenya hamıdan əvvəl, hətta Jandarmlar yuxudan qalxmadan, qərara alınmış yerə gəlib yoldaşlarını gözləyirdilər. Jenya Batumidən qayıtdıqdan sonra Pavluşanın ona qarşı əlaqəsi tamamilə dəyişmişdi. Pavluşa onun möhkəm bir fəhlə və öz sevgilisinə sədaqətli bir qız olduğuna inanırdı. Onu artıq qısqanmırdı. Onun gələcəyi haqqında düşünürdü. İndi o, qumların üstündə oturub yoldaşlarını gözlərkən xəyalında çürbəçür tablolar açıldı: Jenyanı jandarmlar tutur, sürgünə göndərir, təhqir eləyir, məhv edir; o, Jenyanın görüşünə getmək üçün hökumətdən icazə istəyir, onun özünü də tuturlar. O, Jenyanı ancaq pəncərədən görə bilir, başı ilə onu salamlayır. Nəhayət özünü də sürgün edirlər, bununla da sevgisindən məhrum olur. Pavluşa bu kimi fikrin təsiri ilə dişlərini dişləri üstünə basıb, titrədiyi zaman, Jenya da başını onun dizinə qoyub, barmağı ilə qum üzərində «Yaşasın 1 May» şuarını yazırdı. Uzaqdan bir qaraltı göründü. Jenya sarı saçlı başını Pavluşanın dizindən qaldırdı. İclasda Knunyans, Nikolay Vişnevski, Yustin, Qoqodze Stepan, Nikolay Qorişvili, Solomon Doladze, Stet, Korobçenko, Kulikovski, Kuznetsov, Arşak Xaçiyev, Pavluşa, Əsgər, Ayrapet, Lado, Məmməd, Vasya və Jenya iştirak edirdilər. İclasda May nümayişinə hazırlıq məsələsinə başlanmadan əvvəl günün hadisələrinə keçilərək, çar jandarmının son günlər Batumidəki sosial-demokrat təşkilatına vurduğu zərbə haqqında danışıldı. Lado dedi: – Yoldaşlar! Günlər olduqca mühüm günlərdir. Çar hökuməti sosial-demokrat təşkilatını ciddi təqib altına almışdır. Son vaxtlar çar hökuməti bütün sınanmış jandarm və xəfiyyə qüvvələrini Qafqaza gətirmişdir. Aprelin 5-də Batumi təşkilatının iclasında, Daraxvelidze, Kandelaki və sair yoldaşlar tutulub Batumi dustaqxanasına salınmışdır. Ümumi iclas bu qısa məlumatı dinlədikdən sonra, May nümayişinin aprelin 21-də Parapet ətrafında təşkil edilməsini qərara aldı. Vəzifələr yoldaşlar arasında paylaşdırıldı. Aprelin 21-i bazar gününə təsadüf edirdi. Buna görə də nümayişi bu günə keçirmək daha əlverişli idi. Əvvələn, bu gün fəhlələrin istirahət günü idi. Başqa günlər fəhlələrin işi buraxıb May bayramı nümayişinə gəlməsi Bakı jandarmeriyasını xəbərdar etmək və bununla da may hazırlığına əngəl törətmək demək idi. İkinci də, bazar günü olduğu üçün şəhər əhalisinin böyük hissəsi işsiz idi. Parapetin ətrafı adamla dolmuşdu. Xalq böyük və kiçik dəstələrə ayrılaraq, adi söhbətlərlə məşğul ikən, Bakı polisi də bu günü başqa bazar günləri kimi adi bir istirahət günü hesab edəcəkdi. Jandarm və polis idarəsi lazımi hazırlıq görməmişdi; bir hadisə üz verəcəyinə əsla inana bilmirdi. Kimsə bu nümayişin polis və jandarmın həmişə nəzarəti altında olan bir yerdə — Parapetdə baş verəcəyinə ümid etməzdi. Erməni kilsəsinin böyük, kiçik zəngləri qarışıq səslərini şəhərə buraxmışdı. Zənglər «Gəl, gəl! Tez ol!» — deyə erməni camaatını daş damın içərisində qurulan mövhumat tələsinə çağırırdı. Ağ yaxalı erməni ziyalıları, qara donlu, qara örpəkli qadınlar, çocuqluq beşiyindən yenicə düşərək mövhumatın beşiyinə yüyürən gənc qızlar, ərinin məhəbbətini qazanmaqdan ötrü daş qüvvəli binaya yalvarmaq üçün gedən gəlinlər, dünya və axirət səadətini qazanmaq məqsədi ilə keşişin tüpürçəkli və kəsif əlini öpməyə gedən qadınlar, Allahdan övlad tələb etmək üçün gedən övladsızlar, zavallılar, öz xəstəsinə şəfa axtaranlar, doğanlar və doğmayanlar, borclu düşənlər, ərindən, arvadından narazı qalanlar, evlənmək arzusunda olanlar... zənglərin qarma-qarışıq səslərini eşidib kilsəyə gəlirdilər. Sevənlər, sevilənlər, bir-birini görmək istəyənlər kilsənin «qüdsiyyətindən» istifadə etməyə tələsirdilər. Günahlılar günahını bağışlamaq, savablılar isə savabını artırmaq və mövhum cənnətin ən mühüm yerlərini əldə etmək istəyirdilər. Bir çoxları da keşişə demək üçün hazırladığı günahlarını əzbərləyə-əzbərləyə gedirdi. Yalvara-yalvara bir parça çörək almaq üçün gələnlər, sürgündəki, dustaqdakı övladına nicat diləmək istəyənlər, həyatın ağırlığını keçirən dilənçilər, qol-qılçalarını itirmiş çolaqlar, zirzəmilərin rütubətli havasını udanlar, öskürə-öskürə ölüm çağıranlar, qan qusanlar sürünə-sürünə laqeyd Allahın, soyuqqanlı İsanın qapısına gəlirdilər. Erməni burjuaziyası kilsəyə hamıdan sonra gəldi. Onlar kilsəyə toplanan yoxsulların erməni burjuaziyasına sədaqətli qalmaları və son qüvvələrini istismara təslim etmələri üçün and içirməyə gəlirdilər. Burjuaziya qadınları da ipək donlarını sürüyə-sürüyə gəlirdilər. Bakı fəhlələri isə nümayiş keçirmək, öz qüvvəsini Bakı burjuaziyasına göstərmək üçün möhkəm addımlarla Parapet ətrafında toplaşırdılar. İnqilab duyğusu ilə çırpınan inadlı ürəklər mübarizə üçün meydana atılmağa və öz varlığını göstərməyə tələsirdi. İki dünya bir-birinə qarışmışdı. O dünyanın biri — kilsəyə, allaha yalvarmağa gələnlər, yoxsulları burjuaziyanın mərhəmətinə tapşıranlar, o biri isə allaha, kilsəyə, dinə nifrət bəsləyənlər idi. Qızıl bayrağı Tatarski küçədə olan Ruxadzenin dükanında saxlayır, Bakı təşkilatının əmrini gözləyirdilər. Erməni kilsəsində dua qurtarmışdı. Kilsədəki adamlar yavaş-yavaş bayıra çıxıb, ətrafda toplanmış kütlələrə qoşulurdular. Birdən bayraq göründü. Onun ətrafında iki mindən artıq fəhlə var idi. Qırmızı bayraq daşıyan dəstələr dəniz kimi dalğalanırdı. Bu vaxt bir-birinə zidd olan iki səs eşidilirdi: biri kütlələri mövhumata, köləliyə dəvət edən kilsə zənginin səsi idi, o birisi isə «Yaşasın əməkçilərin azadlıq bayramı!» deyə yüksələn qurultulu səslər idi. Bu səs əzəmətli bir sel idi. Bu səs kilsədən çıxan erməni burjuaziyasının ahəngini pozdu. Aralıq qarışdı. Burjuylar bayılmaqda olan qadınlarını faytonlara qoyub qaçmaq istəyirdilər. Onlar indiyə qədər eşitmədikləri bir səs eşidirdilər: – Yoldaşlar! Bu gün böyük bayramdır! Biz bu gün nadanlıq, cəhalət, fəqirlik və yalan əleyhinə qalxırıq. Rədd olsun mütləqiyyət! Yaşasın azadlıq! Bu səs, sanki bir anda, bütün Bakı mühitini titrətdi. Pəncərələr açıldı, zərif pərdələrin dalından yüzlərcə yoğun boyunlar, qaba başlar uzandı, yuyulmamış üzlər, daranmamış saçlar, minlərcə yuxulu gözlər yüksək binalardan küçəyə tərəf çevrildi. Bayraqçının yanından bir səs daha eşidildi: «Səkkiz saatlıq iş günü!» Bu səs Bakı zəhmətkeşlərinin əsas şuarlarını bütün Bakıya elan etdi və istismarçı burjuaziyanın yaz səhərindən aldığı nəşələri zəhərlədi. Bu səs may səhərinin yüngül və ruhoxşayıcı küləyinə qarışıb, burjuaziyanın pəncərələrindən içəri soxuldu. Havada uçan və üzərində «Yaşasın 1 May bayramı!» yazılmış intibahnamələr Bakı milyonçularının qəlbini çırmaqlayırdı. Polis və jandarmlar havadan yerə düşən intibahnamələri tutmaq, məzmunundan xəbərdar olmaq istəyirdilər. Lakin bu intibahnamələri oxumaq istəyən minlərcə xalq buna mane olurdu. Jandarmlardan bir hissəsi ancaq qırmızı bayrağı ovlamaq üçün yüyürürdü. Bir səs daha eşidildi: – «Rədd olsun mütləqiyyət! Yaşasın azadlıq!» Bu səs sanki bir ağızdan deyil, bütün Bakının üfüqlərindən ucalırdı. Bir anda qadın dəstələri də kişilərə qoşuldu. Bu səs başqa küçədə olanları da öz tərəfinə cəlb etdi. Dəstələr get-gedə böyüdü, Bakı polislərinin təşvişinə səbəb oldu. Polis, kütləvi şəkil almış Bakı nümayişini sakit edə biləməyəcəyini yəqin etdi, bunun üçün də yalnız qızıl bayrağı daşıyan Vanonu nişanladı və onun xüsusi əlamətlərini öyrənərək nümayişdən sonra ovlamağı qərara aldı. Qızıl bayrağın sayı Bakı polisinin gözündə get-gedə artırdı. Nümayiş dəstələri Nikolayevski küçəyə dönərkən, bir dəstə polis və polis rəisi oradan keçirdi. «Rədd olsun mütləqiyyət!» — deyən səslər eşidildi. Bu səs polis rəisini gözlənilməz bir zərbə kimi sarsıtdı. Onun rəngi qaçdı, yerində donub qaldı. Birdən o özünü toplayıb öküz kimi böyürdü: – Dağılın! Lakin bu səs nümayişçiləri qorxutmadı. Azadlıq fikri ilə məşğul olan zehinlərə təsir edə bilməzdi. Hərə bu səsi bir cür qarşıladı: kimisi polis rəisinə yumruq göstərir, kimisi barmağı ilə hədələyir, kimisi ağacla qorxudur, kimisi gülür, kimisi də «kəs səsini!» deyə bağırırdı. Jenya görünmürdü. Bu hal Pavluşanı düşündürməyə başladı. O, Jenyanın tutulduğunu zənn edərək həyəcana düşdü. Damlardan, pəncərələrdən, divarların üstündən, məktəb binalarından «Yaşasın azadlıq!» səsləri eşidilməyə başlanmışdı. «Rədd olsun çar!» səsləri ildırım kimi çaxırdı. Polis nəfərləri fəhlələri tutmaq istərkən fəhlələr onları yumruqlayıb əllərindən qurtarırdılar. Polislər, birinci növbədə nümayiş səsinə gələnləri dağıtmaq istədilər, lakin məqsədə nail ola bilmədilər, çünki hər kəs nümayişin nə cür bitəcəyini gözləyirdi. Birdən polis nəfərlərinin və nümayişçi kütlələrin diqqətini mühüm bir hadisə cəlb etdi. Hamı dal tərəfə baxmağa başladı. Qadın nümayişçilərinin dəstəsi gəlirdi. Jenya ilə Paykova qabaqda gedirdi. Polis nəfərləri isə onların kölgəsi ilə sürünür, ov tulaları kimi gözlərini onlara dikmişdilər. Nümayiş qurtarıb küçədəkilər evlərinə çəkilirkən polislər nişanladıqları müəyyən şəxsləri tutmağa başladılar. Vano, Pavluşa, Vasya, Əsgər, Məmməd, Ayrapet aradan çıxdı. Bayraq daşıyan Vano polislərin yanından keçib gedirkən, onu tanıya bilmədilər, çünki o, əyninə başqa bir paltar geyib, başına ayrı bir papaq qoymuşdu. Nümayişçilərdən qırx üç nəfərin tutulduğu xəbəri alınan kimi Pavluşa Jenyanı axtarmağa başladı. Jenya tapılmadı. Onun Kulikovski və Paykova ilə bir yerdə olması, bunların da tutulması Pavluşanı daha da rahatsız etdi. Lakin tutulanların siyahısında Jenyanın adı olmadığından, onun başına böyük bir fəlakət gəldiyini zənn etdi. Şəhərdə Jenyanı tapmadı, Sabunçuya getmək üçün paltarını dəyişib, stansiyaya gəldi. Axşam idi. Stansiyada bir Pavluşa, bir də qoltuğunda ağ boğça olan çarşaflı bir qadın vardı. Birinci zəng vuruldu, yenə də minik gəlmədi. May nümayişinə görə dairələrdən şəhərə bir nəfər də olsa adam buraxılmamışdı. Qatar hərəkət etdi, vaqonlarda jandarm nəfərlərindən və bilet yoxlayan qulluqçulardan başqa heç kəs yox idi. Pavluşa şüşəsiz pəncərələrdən bayıra baxdı, atlı kazaklardan başqa heç bir kəsi görmədi. Çarşaflı qadın arxasını Pavluşaya çevirərək, boğçasını qabağına qoyub oturmuşdu. Pavluşa nə edəcəyini, Jenya haqqında bildiyi xəbəri Sergey Vasiliçə nə cür söyləyəcəyini yenə də düşünür, bu vəziyyətdən necə çıxacağını təyin edə bilmirdi. Sevgilisi, yoldaşı Jenyanın xəbərsiz itməsi onun başına çürbəçür fikirlər gətirirdi. O, Balaxanı — Sabunçu stansiyasında vagondan endi, çarşaflı qadın da ağ boğçasını alıb çıxdı. Stansiyada jandarm və polis nəfərlərindən başqa heç kəs yoxdu. Pavluşa stansiyadan uzaqlaşarkən, çarşaflı qadın da onun dalınca gedirdi. Pavluşa dayandı, o çarşaflı qadın da dayandı, Pavluşa yeridi, çarşaflı qadın da yeriməyə başladı. Pavluşa qadından şübhələndi. Geri qayıtmaq, Sergey Vasiliçin evini ona tanıtmamaq istədi. Qadın da onunla bərabər qayıtdı. Pavluşa evə getməyi qərara aldı. Yola düzəldi, çarşaflı qadın da onun dalınca düşdü. Pavluşa həyətə girdi, çarşaflı qadın da onun dalınca. Həyətdə o, Pavluşadan qabaqda getməyə başladı. Qadın Sergey Vasiliçin qapısını döyüb içəri girdi. Pavluşa bayırda durub, bir müddət çarşaflı qadının bu evə nə üçün gəldiyini düşündü. Evə girdi, çarşaflı qadını görmədi, lakin Jenya kiçik güzgünün qabağında durub sarı saçlarını dəstələyir, düzəldirdi. Pavluşanı heyrət götürdü. Sergey Vasiliç isə gülərək: – Sən hələ Jenyanın bu kimi kələklərini çox görəcəksən! — dedi. Jenya tutulanların siyahısını oxuyurkən, Paykova, T. Knunyans, B. Knunyans, Nikoladze, Melik Usunyan, Kazarenko, Nazaryan, Çiknovaryan yoldaşların da adını çəkdi və əlavə etdi: – Bu yoldaşları da martın 14-də tutulan yoldaşların yanına göndərdilər. Jenya öz başına gələn hadisədən danışmağa başladı. – Mənim öz başıma gələn hadisə belədir: hər tərəfə döndümsə, yenə də polislərin dalımca gəldiyini gördüm. Mən bunun çarəsini dünən axşamdan düzəltmişdim. Özümlə çarşaf, bir də müsəlman qadınları geyən başmaq götürmüşdüm. Nikolayevski küçədə az qalmışdı məni tutsunlar. Aralıq qarışdıqda özümü bir təhər Hacı Hacağanın karvansarasına soxdum. Pilləkanların birisindən yuxarı çıxdım. Jandarmlar mənim hansı pilləkandan çıxdığımı təyin edincəyə qədər mən paltarımı dəyişib aşağı düşdüm. Bu vaxt onlar ağızlarını açıb o tərəf-bu tərəfə baxır, məni axtarırdılar. Onlardan birisi məndən yarırus, yarıazərbaycanca soruşdu: – Bacı, orada barişna var? Mən dilim ilə yox dedim, başım ilə isə var işarəsi etdim. Barmağımla da göstərdim. Onlar pişik kimi yuxarı dırmandılar. Birisi qapını kəsmişdi. Küçəyə çıxdım, gördüm ki, jandarmlar bir neçə yoldaşımızı tutub, bir yerə yığaraq aparırlar. Pavluşa soruşdu: – Nə üçün şəhərdən Sabunçuya qədər olan uzun yolda özünü mənə tanıtmadın? Jenya gülərək: – Jandarmları şübhələndirmək istəmədim, — dedi. * * * Bu gecə Pavluşa şəhərdən Sabunçuya qayıtmamışdı. Çox zaman Pavluşa vaxt keçdiyindən şəhərdəki yoldaşların evində gecələyirdi. Jenya evdə yalqız idi, çox darıxırdı, özü üçün bir məşğuliyyət axtarırdı. O, Pavluşanın kitablarını stolun üstünə yığıb, bir-bir gözdən keçirməyə başladı. Köhnə bir kitabı vərəqləyirkən gözünə kiçik bir kağız sataşdı. Kağızda bu cümlə yazılmışdı: «Jenyadan əl çəkib Katya ilə olmaq lazımdır». Jenya bu cümləni bir neçə kərə oxudu, halı tamamilə dəyişdi, vücudu titrəməyə, ağ üzündəki qırmızı ləkələr böyüməyə, üzünü örtməyə başladı. O indiyə qədər Pavluşanın başqa bir qızla tanış olduğunu bilmirdi. Lakin bu bir parça kağız «Katya» adında bir qızın da Pavluşa ilə tanış olduğunu göstərdi. Jenyanın Pavluşaya bəslədiyi dərin sevgi bu cümlə haqqında dərindən düşünməyə və həqiqəti aramağa imkan vermədi. Nə qədər çalışsa da, Pavluşa haqqında müsbət bir fikrə gələ bilmədi. Pavluşa ilə qurmaq istədiyi ailə həyatı fikrini rədd etmək qərarına gəldi. Cümləni bir daha diqqətlə gözdən keçirdi, öz-özünə dedi: «Mən bizi bir-birimizdən ayırmaq istəyən, bizim, qurmaq istədiyimiz ailəni pozmağa çalışan bu gizlin əli tapmalıyam!» Qısqançlıq nişanəsini Jenyanın bütün varlığından oxumaq mümkün idi. O, üzünə tökülən saçını barmaqları ilə acıqlı bir surətdə kənara atır, dodaqlarını dili ilə islədirdi. Qaşları arasından qalxan cizgilər daha da dərinləşirdi. Ürəyində indiyə qədər görmədiyi və adını eşitmədiyi Katyaya qarşı ədavət doğdu. Qalxdı, acıqlı-acıqlı gəzinməyə başladı. Kağızı cırıb atmaq istədi, lakin düşünərək öz-özünə dedi: «Yox, bu kağız mənim əlimdə möhkəm bir vəsiqədir. Bu vəsiqə, kişilərin yalançılığını isbat etmək üçün çox gözəl bir sübutdur». Oturdu, əllərini çənəsinə söykəyib, stolun üstünə qoyduğu kağızı dönə-dönə oxudu. Hərflərin hər birisində Pavluşanın üzünü gördü, həm də tanımadığı bir qadının şəklini təsəvvür etdi. Pavluşa ilə birlikdə keçirdiyi günlər bir kino lenti kimi xatirindən keçməyə başladı. Pavluşanın sevgi elanları xəyalında səsləndi. «Mən səni çox sevirəm» sözləri, onu öz sevgisinə inandırmaq üçün and içməsi Jenyanın qulaqlarında cingildədi. Kağızı kitabın arasında gizlədərkən Vasyanın ona Lermontovdan yazdığı: «Əlvida, ey çirkin, natəmiz Rusiya!» sərlövhəli şeri gördü. Kağızı onunla bərabər kitabın arasına qoymaq istədikdə, yazıların bir-birinə bənzədiyini təyin etdi. Yazıların ikisi də bir adam tərəfindən yazılmışdı. Jenya bunları bir kərə daha müqayisə edərək: «Bu da bizim iş yoldaşımız!» — deyə gözləri yaş ilə doldu. — «Bilmirəm onun bizi bir-birimizdən ayırmasının səbəbi nədir? Katya onun nəyidir? Katyanın məndən fəaliyyətli, məndən gözəl olduğunu bilsəydim, özüm aciz və dəyərsiz bir qız olsaydım, yenə də inciməzdim... Pavluşa məni yaxşı tanıyır. O, mənimlə məsul və qorxulu səfərlərdə iştirak etmişdir. Mənə tez-tez «Əziz yoldaş» deyərək əlimi sıxmışdır. Mən də boğazımdan kəsdiyim tikəni ona yedirtmişəm. Bununla belə onun mənə qarşı aldığı bu vəziyyətə heç cür məna verə bilmirəm». Sonra bir ah çəkib yenə öz-özünə dedi: «Kişilərin ruhunu oxşamaq, onlarla yoldaşlıq əlaqəsi düzəltmək nə qədər çətin imiş! Onların sevgi sözlərinə inanmağın özü də insanın öz-özünü təhqir etməsi deməkdir. Hələ mən sadə və çox tez inanan, özünü ələ ala bilməyən bir qız olsaydım, bu təhqir daha böyük bir miqyasda məni əhatə edəcəkdi. Şükürlər olsun ki, bizim aramızda olan sevgi söhbətləri yalnız sözdə qaldı, həyata keçmədi. Onun mənə sevgi elan etməklə bərabər başqa birisini sevməsi nə qədər ağır bir təhqirdir! Mən bir daha onu bağışlamayacağam. Kişilər qadının şıltaqçılığının həddindən artıq olmasından, kişinin imkanı xaricində tələblər verməsindən xoşlanırlar. Lakin mən belə olmadım, ola da bilmərəm, çünki mən kişilərə qadınların baxdığı gözlə baxmağı bacarmıram. Pavluşa isə mənim həddindən artıq səmimiyyətimdən istifadə edir... O nə kişidir ki, öz ixtiyarını Vasyanın əlinə tapşırmışdır? Hərgah onun ailə məsələsi başqasından asılıdırsa, hərgah Vasya kimilər cürət edərək: «Jenyadan əl çəkib Katyaya yanaşmalısan» deyəcəksə, daha danışmağa söz qalmır. Mən indi çox şadam ki, Pavluşaya əlimi əlinə almaqdan başqa bir imkan yaratmadım. Belə olmasa idi, o məni buraxıb getdiyi vaxt üzümə olmasa da, dalımca güləcək idi». Kağızı kitabın arasına qoydu, lakin Katya adını heç də unuda bilmirdi: «Bəlkə də Katya məndən gözəldir» — deyə ayağa qalxdı, güzgünün qabağına keçdi. Özünün tənasübi-əndamını, boy-buxununu diqqətlə gözdən keçirdi, sonra bir ah çəkərək dedi: «Mən kimdən əskik qızam? O məni nə üçün təhqir etdi? O məni öz boynunda ağır bir yükmü hesab elədi? Mən ondan acizəmmi? Mən özümə tapşırılan hansı bir vəzifəni yerinə yetirə bilmədim? Kim bilir, bəlkə də mən sevgidə tamamilə bacarıqsız bir qızam. Bəlkə də sevginin vəzifə və əqidə ilə əlaqədar olmadığını bilməmişəm. Mən yoxsul bir fəhlə qızıyamsa, onun özü də yoxsuldur, o inqilabçıdırsa, mən də onun yoldaşıyam...». Jenya bu fikirlərdən yoruldu, onda bir dönüş yaranmağa başladı. «Mən nə üçün qısqanıram. Madam ki, o Katyanı sevir, mən onu bu sevgisindən məhrum etməyə, məni sevməyə məcbur eləməyə haqlıyammı? Pavluşa haqqında nə üçün düşünür, rahatsız oluram? Sönmüş sevgini alovlandırmaq olurmu? Görünür ki, Pavluşa mənimlə ailə qurmağı lazım görmədi. Eybi nədir, sevgimiz olmasa da, yoldaşlıq sədaqətimiz vardır, biz bir əqidə üzərində çalışırıq». Jenya bu sözlərini sanki yanında oturan bir adama söyləyir, ucadan danışırdı. Onun səsini bu biri otaqda oturan ata-anası da eşitdi və Jenyanın yanında bir başqa adamın olduğunu zənn edərək içəri girdilər. Jenya onları: – Dərnəyə hazırlaşıram, — deyə yola saldı və lampanın işığını azaldıb yatağına girdi. Lakin səhərə kimi yata bilmədi. Sanki dünyanın bütün əqrəbləri, ilanları onun yatağına dolmuşdu. * * * Pavluşa nə qədər düşünürdüsə, bu tezlikdə Jenyada olan dəyişikliyə heç bir məna verə bilmirdi. Özündə heç bir nöqsan görmürdü. Jenya da nə səbəbə küsdüyünü söyləmirdi; dinmir, danışmır, suallara olduqca qısa və kinayəli cavablar verirdi. Buna görə də Pavluşanın qadınlar haqqındakı düşüncəsi tamamilə dəyişdi. O, artıq qadınların düşüncədən qısqandığına, xəyaldan küsdüyünə, şıltaqçı bir ünsür olduğuna inanmağa başlamışdı. Bir gün də Jenyadan soruşdu: – Bu soyuqluq nə üçündür? Məndə bir nöqsanmı gördün? Sənin bu səbəbsiz küsməyinə tamamilə başqa cür baxıram, başqa cür də məna verirəm. Jenyanın cavabı çox qısa oldu: – Adətdir, kişilər hər şeyə istədikləri mənanı verirlər. Bu cavab Pavluşanı qənaətləndirmədi. – Bu səbəbsiz küsmələr məni buradan uzaqlaşdırmaq üçünsə, onu yoldaşcasına söyləmək mümkündür. Görünür ki, mənim varlığım artıq səni iyrəndirməyə başlamışdır. Jenya tələsmədən dedi: – Bunu mən özüm bilirəm. Onu da sənə deyim ki, bir daha bu cür söhbətlər təkrar edilməyəcəkdir. Səninlə gələcək əlaqəmiz vəzifə barəsində olmalıdır. Bəsdir, filosofluq etdiksə, bir nəticə əldə edilmədi. Artıq bizim vəziyyətimiz bu cür filosofluğa imkan vermir. Pavluşa soruşdu: – Nə kimi filosofluq? – Bir-birimizi təhlil etdiksə də, yanıldıq. İki şeydən birisidir: ya biz filosof deyilik, bu barədə savadsızıq, ya da fəlsəfənin özü xülyapərəstlikdir. Hər kəs bir-birinə müəyyən bir fikirlə yanaşırmış. Kişilər qadınlara, qadınlar kişilərə, böyüklər kiçiklərə, kiçiklər də böyüklərə... Bizim yaxınlığımızın nəticəsi belə çıxdı. Hərgah həqiqət bundan ibarətsə, bizim bir-birimizdən ayrılmağımız heç birimizi düşündürməməlidir. Pavluşa dedi: – Demək, sən məndən ayrılmaq istəyirsən? Jenya başını silkələyib, sarı saçlarını alnından geri atdı. Qəti və mənalı bir baxışla: – Onsuz da mən səninlə birləşməmişdim! Bir qız kimi söz vermişdim, avam bir qız kimi də aldanmışdım! — deyib bayıra çıxdı. Bu hal bir neçə həftə davam etdi. Jenyada bir dəyişiklik görünmürdü. Pavluşa çıxılmaz bir vəziyyətdə qalmışdı. Sergey Vasiliç və arvadı Anna da bu məsələni aydınlaşdırıb, qızlarının qəlbini öyrənməyi bacarmırdı. Günlərin birində Pavluşa şəhərə köçmək üçün şeylərini yığışdırmağa başladı. Bu vaxt Sergey Vasiliçin ailəsi nahar edirdi. Pavluşanı yeməyə çağırdılar, getmədi, çünki həmişə Pavluşa süfrəyə yanaşanda Jenya qalxıb gedirdi. Pavluşa şeyləri qoltuğunda olduğu halda: – Salamat qalın! — dedi. — Verdiyim əziyyətlər üçün üzr istəyirəm. Sergey Vasiliçin arvadı Anna ağladı. Sergey Vasiliç də Jenyanın üzünə baxıb narazı halda başını silkələdi. Jenya qolunu gözləri üstünə qoyub süfrədən qalxdı. Pavluşa qapıdan çıxanda Jenya da ağlaya-ağlaya öz otağına çəkilirdi. Beləliklə, Pavluşa Jenyadakı dəyişikliyin səbəbini bilmədən getdi. * * * Jenya yolunu «azmışdır» Jenya 1902-ci ilin may nümayişindən sonra qudurğan Bakı polisinin diqqətini daha artıq cəlb etmişdi. O, daha ata-anası yaşayan evdə də yaşaya bilmirdi, çünki polis və jandarmlar evi tez-tez axtarırdılar. O, paltarını dəyişərək Bakı polisinin nəzərindən çox uzaqda gəzirdi. O, Ladonun mühüm bir fikrini həyata keçirmək üçün çoxdan bəri hazırlaşırdı. Onu ancaq ev qulluqçuları sırasında görmək olurdu. Ev qulluqçuları ilə bərabər gedər və başqa yerlərdə əylənərdi. Onu bu kimi yerlərdə bir kərə Əsgər, bir kərə də Pavluşa özü görmüşdü. O özünü Bakı polisinə tamamilə unutdurmaq üçün yoldaşları ilə az görüşürdü. Bu gün Pavluşa Jenyanın son hərəkətləri haqqında danışmaq üçün Sabunçuya getmişdi. Jenya təşkilatın bütün göstərişlərinə əməl edir, təşkilatdan izinsiz bir addım belə atmırdı. Bununla bərabər, onun hərəkətləri Pavluşaya xoş gəlmirdi. Qısqançlıq Jenya haqqında olan müsbət fikirlərinə qalib gəlirdi. Jenyanın ata-anası onu çox böyük bir məhəbbətlə qəbul etdi. Keçən günləri, Pavluşa ilə bir yerdə yaşadıqları günləri xatırladılar. Pavluşa xoş-beşdən sonra əsil məsələyə keçdi: – Jenya daim ev xidmətçiləri ilə bərabər olur, bilmirəm onlardan nə öyrənə bilər? Adam gərək tayını tapsın. İstəyir ki, onlar onu düz yoldan azdırsınlar? İşləməyin də bir qaydası var. Ev qulluqçularının hamısı əyri yoldadır. Onlar, heç şübhə yoxdur ki, bir gün Jenyanı öz günlərinə salacaqlar. O zaman Jenyanı geri qaytarmaq çox çətin olacaqdır. Siz bilirsiniz ki, o yollar gedər-gəlməz və geriyə dönməz yollardır. Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. Sergey Vasiliç işdən təzəcə gəlmişdi. O, trubkasını hazırlayıb dişinə aldı: – Oğlum, — dedi. — Sən bunları Jenyanın özünə deyə bilmirsənmi? Pavluşa: – O, mənə yaxın gəlmir, — dedi. — Bir kərə küçədə mənə rast gəldi, üzünü çevirdi. Neçə aydır ki, mənimlə danışmır. – Nə üçün danışmır? – Mən nə bilim? Onun qəlbində deyiləm ki... – Bəs indiyə qədər səbəbini öyrənə bilmədin? – Haradan öyrənim? Siz Jenyanı tanımırsınızmı? Onun nə qədər inadlı olduğunu bilmirsinizmi? Pavluşa sözlərini bitirib, gözlərini Sergey Vasiliçin gözünə dirədi, ondan müsbət bir cavab gözləyirdi. Sergey Vasiliç trubkasını sümürür, düşünürdü. Nəhayət Jenyanın anası sözə başladı: – Pavluşa doğru deyir. Qız tayfası nədir, belə-belə işlər nədir? Mən bilirəm ki, qızı yoldan azdıracaqlar. Qızın belə-belə işləri axırda bizim başımızı xalq arasında yerə soxacaqdır. Sergey Vasiliç trubkasını külqabına çırpıb dedi: – İkiniz də səhv edirsiniz. Qıza yoldaş lazımdır. O qızdır, qızlarla da gəzməlidir. Mənim qızım ilə varlı, milyonçu qızları heç vaxt gəzməzlər. Qapı açıldı, Jenya içəri girdi. Bazar günü olduğu üçün gizlin gəlmişdi, — ata-anasını görüb gedəcəkdi. Pavluşa öz-özünə dedi: «Çox yaxşı oldu, burada həm Jenya ilə barışarıq, həm də lazımi sözləri deyərəm». Jenya Pavluşanın əlini etinasızcasına sıxdı, anasının yanında oturdu. Anası onun saçlarını sığallayaraq: – Qızım, — dedi, — Pavluşa bilirsən nə deyir? Jenya parlaq gözlərini onun gözlərinə dikib soruşdu: – Nə deyir? – O deyir ki, Jenya həmişə ev xidmətçiləri ilə gəzir. Deyir ki, onlar Jenyanı düz yoldan çıxara bilərlər. Jenya acı-acı güldü: – Bunu Pavluşamı dedi? – Əlbəttə ki... Pavluşa özgəsi deyil ki... – Anacan, qəlbin sınmasın, sənin də, Pavluşanın da fikri köhnədir. Əvvələn, mən özümü idarə etməyi bacarıram. Pavluşanın çürük tərbiyəsinə möhtac deyiləm. İkincisi də, mən qoşulduğum qızların hamısı bizim ailənin vəziyyətində yaşayan ailələrin qızlarıdırlar. Onların hamısı mənim dərdlərimi başa düşür. Mən kişilərlə yoldaşlıq edib bir vəzifə daşıdığım üçün kişiləşmədim ki! Mənə də qızların söhbətləri lazımdır. Mən onların söhbətlərindən həzz alıram. Nə varlıların qızları mənə, nə də mən varlıların qızlarına qoşulanam! Bu söhbət bitməmişdi ki, Əsgərlə Vasya gəldilər. Pavluşa danışmırdı, Jenyanın qəti cavabından qorxurdu. Əsgər əlini Pavluşanın çiyninə qoyub dedi: – Sən gərək açıq danışasan. Mən özüm sözü açıq deyən bir adamam. Sən yalnız qısqanırsan. Biryolluq belə də deməlisən. Sən hələ inqilabçı olmamısan. Jenya səni sevməklə, səni adam bilib, səninlə yoldaşlıq etməklə o səni satınalma qulun olmur ki... O sənə hər iş üçün haqq-hesabmı verəcəkdir? Sənin bu xasiyyətinə görə Jenya da səndən uzaqlaşır. Sən, yoldaş Pavluşa, sevməyin və yoldaş olmağın qaydasını bilmirsən. Mən bir dəfə də olsun sənin Jenya ilə görüşəndə başqa söz danışdığını görməmişəm. İndi yazıq qız haqqında gör nələr danışırsan. Buna görə də Jenya səni görəndə ilanı görən kimi qorxub qaçır. * * * Bazar günü idi. Jenya yenə də şəhərin mərkəzindən uzaqda, ev qulluqçuları ilə bərabər karusel ətrafında dolaşırdı. Qızların hər birinin bir tanışı var idi. Jenyanın oğlan tanışı yox idi. Serafima Jenyaya dedi: – Jenya, sən mənim əmim oğlu ilə tanış olmaq istəmirsənmi? Jenya dönüb Serafimaya baxdıqda onun yanında bir nəfər onbaşı gördü. – Nə üçün istəmirəm, — dedi və əlini uzadıb tanış oldu. — Klavdiya! Onbaşı iki stəkan tum alıb qızlara payladı. Hamısı bir tərəfə çəkilib karuseldə yellənənlərə tamaşa etməyə başladılar. Jenya onbaşı Pavlovdan soruşdu: – Siz bura tez-tezmi gəlirsiniz? – Rica edirəm mənə «siz» deməyəsiniz, sadəcə «sən» deyiniz. Bu daha səmimi olar. Biz yoldaşıq, bir yoldaş kimi də danışsaq yaxşı olar. Bəli, mən bura çox tez-tez gəlirəm. – Bağışla, sənin adın nədir? – Rəhmətlik anam məni Volodya deyib çağırardı. — Sonra gülümsəyərək Jenyadan soruşdu: — Sən bu Serafima ilə nə cür tanış oldun? – Bunu nə üçün soruşursan? Vladimir: – Çünki sən başqa, Serafima isə tamamilə başqa təbiətli bir qızdır, — dedi. — Sənin danışığın, tərbiyən tamamilə başqa bir adam olduğunu göstərir. Jenya Vladimirin sözlərindən şübhələnməyə başladı: – İnsanların hamısı birdir! — dedi. — Tərbiyə işi nəsli və irsi bir iş deyildir. Müxtəlif tərbiyədə olan insanlar müxtəlif paltarlı adamlar kimidir. Hər kəs hər paltarı geyməyi bacardığı kimi, öz tərbiyəsini də dəyişə bilir. Buna görə də Serafimanı dəyişdirmək mümkündür. O uşaqlıqdan gənclik dövrünə təzə-təzə qədəm qoyur. Vladimir Pavlov olduqca dərin düşüncəyə daldı, tum çırtlamaq üçün ağzına tərəf apardığı əli hərəkətsiz qaldı. Bir az sonra Jenyaya dedi: – Əfv edin, fikrim başqa bir məsələ ilə məşğul oldu. Buna görə də sualın cavabını unutdum. Mən əslində kəndliyəm — Kama çayı sahilində olan Derveşka kəndində doğulmuşam. Ailəmiz hazırda Perm şəhərində yaşayır. – Çox gözəl! Evlisinizmi? – Bəli, evliyəm. Arvadım da çox gəncdir. Bir uşağım da vardır. Ailəmi də çox sevirəm. Onların fikri məni çar soldatlığı vəzifəsindən daha artıq əzir. Qoynundan bir kiçik dəftər çıxartdı. Dəftərin arasında bir qadın və üç yaşlarında gözəl bir uşaq şəkli var idi. – Baxınız! — dedi — Mənim bədbəxt ailəm, yoxsul ailəm bunlardan ibarətdir. — Şəkli dəftər arasına qoydu, yaylığını çıxarıb gözünün yaşını sildi. Bu hal Jenyanı da ağlatdı. İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. Jenya dedi: – Heç də darıxma. Yaxında hərbi vəzifəni bitirər, yenə sevimli ailənə qovuşarsan. Yenə də birlikdə yaşayarsınız. Vladimir başını titrətdi. – Sən orasını yəqin bil, mən onlara qovuşanacan onlar məhv olub gedəcəklər. – Nə üçün? – Çünki onlar ağır bir ehtiyac içərisində yaşamaqdadırlar. Heç kimsəmiz yoxdur. Qardaşım Yaroslavl tətillərində küllələnmişdir; onun ailəsi də bizim öhdəmizdədir. Məni soldat götürdükdən sonra atam da ehtiyac və aclıq içərisində məhv olub getdi. Hazırda yazıq uşağım və arvadım onun-bunun qapısındadırlar. Arvadım varlı evlərinə işləməyə, paltar yumağa gedir. Yəqin ki, sən varlıların işçi qadına, xüsusən gənc qadınlara nə cür baxdığını bilmirsən?.. Sən mənim bədbəxt arvadımın şəklini gördün, hərgah varlı ailələrdə olan həyasızlıqdan xəbərdar olsaydın, mənim arvadımın necə həyat keçirdiyini təsəvvür edə bilərdin. Dünən arvadımdan aldığım məktubu oxuduqdan sonra özümü öldürmək istədim, lakin şəkli çıxarıb onları öpmək, vidalaşmaq istərkən, sanki arvadım məni uzun və sarı saçları ilə bu rəzil və bədbəxt həyata bağladı, sanki şəkil mənə deyirdi: «Volodya, bu uşağa rəhmin gəlsin! Özünü öldürmə!». Pavlov Vladimir bu sözləri deyərkən ağladı. Jenya onun göz yaşlarına göz yaşı ilə cavab verirkən, sanki Lado onun qarşısında durub dedi: «Bizim sinif qardaşlarımız fabrikalarda və zavodlarda olduğu kimi soldat kazarmalarında da vardır. Biz onları tapmalı, onların arasında da iş aparmalıyıq». Qəmli bir səs Jenyanı düşüncəsindən ayırdı. O səs Vladimirin səsi idi. O, qadınından aldığı məktubu Jenyaya verərək: – Alın oxuyun, — dedi — burada bir gizlin söz yoxdur. Jenya da məktubu alıb oxudu: «Əzizim və sevgilim Volodya! Mən də, Vitka da salamat yaşayırıq. Mənim ikinci məktubumu almamış məktub göndərmə, çünki məni olduğum evdən çıxartdılar. Ağanın oğlu məni rahat buraxmadı. Mən bu barədə ağaya və xanıma şikayət etdim, xanım bunun üçün mənə acıqlandı və işdən çıxarıb qovdu. Belə məlum olur ki, onlar oğlanlarının xəstə qadınlarla gəzməməsi üçün cavan ev qulluqçuları saxlayırmışlar. Volodya, sən heç də əsəbiləşmə. Mən ölsəm də o cür namussuz işlərə yol verməyəcəyəm. Volodya, sən yazmışdın ki, mənim paltarlarımı sat, uşağa xərclə, mən acından ölsəm də sənin paltarlarını sata bilməyəcəyəm. Fikrim, yığışıb Piyanibor kəndinə getməkdir. Orada bibim qızı vardır. Bir təhər yaşaya bilərəm. Hazırda kilsə həyətinə köçmüşəm. Bu gün keşişin əmrinə görə diyak qorodovoyu gətirib məni həyətdən çıxarmaq istədi. Bir gün möhlət aldım. Piyanibora getmək üçün üç manat yarım pul lazımdır. Bir dənə artıq balış ilə ayaqqabını satdım, köçüb gedirəm. Kağızımı gözlərsən. Sənin Zinan. 25 iyul 1902-ci il». Jenya məktubu oxuduqdan sonra, qaytarıb Vladimirə verdi. – Belədir, — dedi, — hökumət heç vaxt yoxsul ailələrdən yığdığı soldatların ailə vəziyyətini nəzərə almır. Çar üçün yalnız soldat özü lazımdır. Soldatın ailəsi necə dolanır, nə yeyir — bu onun vecinə deyil. Vladimir, heç şübhə yoxdur ki, sən Rusiyadakı tətilləri və inqilabi hərəkatı eşidirsən. Tətillər və inqilabi hərəkatlar ona görə olur ki, xalqa edilən zülm get-gedə şiddətlənir. Gedən mübarizə minlərlə Volodyaların bədbəxt Zinasına azadlıq vermək üçündür. Vladimir bu cür sözü heç də Jenyadan gözləmirdi, buna görə də onu heyrət götürdü. Jenyanın gözlərinə baxaraq: – Doğrudur, — dedi, — mən Bakı qarnizonundayam. Hərdənbir qışlamıza intibahnamələr atırlar, onlardan mənim də əlimə keçir. Sən belə intibahnamələrlə maraqlanırsanmı? – Sən özün necə, maraqlanırsanmı? – Maraqlanmasaydım, o cür qorxulu bir şeyi yanımda gəzdirməzdim. – Onu nə üçün öz yanında gəzdirirsən? – Yeri düşdükcə, lazımi adamlara oxumaq üçün. – İndi o sənin yanındadırmı? – Yanımdadır, oxumaq istəyirsənmi? – İstəyirəm! Vladimir uzunboğaz çəkməsinin üzü ilə astarı arasında gizlətdiyi intibahnaməni çıxarıb Jenyaya verdi. Jenya onun məzmununu oxumamışdan bilirdi, çünki Ladonun təşəbbüsü ilə düzəldilmiş və gizli mətbəədə çap olunmuş vərəqələri götürüb lazımi yerlərə özü paylamışdı. * * * Jenya Vladimir ilə olan tanışlığı barəsində Lado və sair yoldaşlara danışdı və gələcəkdə necə rəftar edəcəyi haqqında göstəriş aldı. Jenya ikinci bazar günü yenə də Vladimir ilə görüşdü. Vladimir Jenyanı öz yoldaşları ilə tanış etdi. Bu gün onlar qərara aldılar ki, bir yerdə toplanıb danışsınlar. Onlar vaxtı təyin etdikdən sonra, ayrılıb Bibiheybət dağında çağırılmış iclasa getdilər. Jenya da Əsgər, Vasya, Ayrapet və sair yoldaşlarla bərabər Bibiheybət dağına yola düşdü. Yığıncağa gələnlərdən heç birisi söhbətə əvvəlcə başlamağa cəsarət etmirdi. Sözə Jenya başladı: – Bu iclas bizim inqilabi həyatımızda birinci və tarixi iclasdır. Yoldaşlar, bütün Rusiyanın fəhlələri «Rədd olsun çarizm!» — deyə ayağa qalxmışdır. Çar hökuməti, vəziyyətin ağırlığını hiss edərək, inqilabçı xalqı öz qanı içində boğmaq çarəsini düşünməkdədir. Bu da millətlərin qardaşlığını pozmaq təşəbbüsündən ibarətdir. Yəhudi talanları inqilab hərəkatını boğmaq üçün çar polisinin düşündüyü çarələrdən biridir. Rusiyada və Polşada baş verən inqilabi hərəkatda soldatlar da iştirak etməkdə və zəhmətkeş kütlələrin hüququnu müdafiə etməkdədirlər. Bunları nəzərə alaraq, Bakı qarnizonunun soldatları zəhmətkeşlərin çıxışlarına yardım göstərməli və çar hökumətinin Zaqafqaziyada apardığı xain siyasətə qarşı çıxan qüvvələrlə əlbir işləməlidirlər. Yoldaşlar, ancaq inqilabın qalib gəlməsilə, yüz minlərlə fəhlə və kəndlilərdən ibarət olan soldatlar mülkədar, kübar balalarından ibarət çar zabitlərinin təhqiri altından çıxa biləcəklərdir. Ancaq inqilabi hərəkatın qalib gəlməsi ilə fəhlə, kəndli azad olacaqdır, kapitalistlərin mənfəəti üçün artıq qan tökməyəcək, özünü qurban verməyəcəkdir. İnqilabın qalib gəlməsilə Sibirə və Rusiyanın başqa şəhərlərinə sürgün edilən minlərlə inqilabçılar azad olacaqdır. Yoldaşlar, aparılan mübarizə, fəhlələri şiddətli istismardan qurtarmaq, kəndliləri həris mülkədarların zülmündən azad etmək, soldatları və onların ailələrini nəhayətsiz zülmdən qurtarmaq üçündür. Jenya qurtardıqdan sonra Vladimir Pavlov ətraflı danışdı, soldatlar arasında inqilabi hərəkata rəğbət hisslərinin çoxaldığını bir çox faktlarla göstərdi. Ayrapet, Vasya, Məmməd, Əsgər də söz alıb danışdılar. Sonra soldatlar sual verməyə başladılar. Sualların bir çoxundan soldatların siyasi məsələlərdən tamamilə xəbərsiz olduğu görünürdü. Soldatlar başqa millətlərlə qardaş olmaq, ümumi qüvvətlə çar əleyhinə mübarizə aparmaq sözlərinə çox təəccüblə qulaq asırdılar. Soldatlar qışla həyatından, zabitlərin təhqirindən cana gəldiklərini söyləyirdilər. Vladimir Pavlov və Jenya soldatların suallarına cavab verir və onları qane edirdilər. İclas qurtardıqdan sonra yeni intibahnamələr buraxılması haqqında bir qərar qəbul edildi və iclas günləri təyin olundu. * * * Fındıqsatan Kazakların içərisinə intibahnamə paylamaq məsələsi müzakirə ediləcəkdi. Jenyanı axtarmaq və iclasa gətirmək lazım idi. Pavluşa bunun üçün Sabunçuya getmişdi. Jenyanı tapmamışdı. Vasya dedi: – Bir saat bundan əvvəl mən onu soldat bazarında gördüm. Əsgəri göndərmək istədilər. Pavluşa özünü qabağa verdi: – Mən gedib taparam. O, Jenya ilə görüşmək və danışmaq üçün bir fürsət axtarırdı. Pavluşa onu çox axtarmadı. Onu ev qulluqçuları yanında tapdı. Oturub tum çırtlayırdılar. O, özünü görməməzliyə vurdu, bir neçə kərə o tərəf-bu tərəfə keçdi. Jenya onun bir məqsəd üçün gəldiyini və yanaşmağa cəsarət etmədiyini anlayaraq yanına çağırdı: – Burada nə axtarırsan? — deyə soruşdu. Pavluşa: – Vasyanı və Əsgəri axtarıram, — dedi. – Sən bilmirsən ki, onlar dəmiryol emalatxanasında işləyirlər? – O tərəfləri axtarmışam, bu gün nədənsə işə çıxmamışdılar. Dedim bəlkə burada olarlar. Jenya cibindəki tumdan bir ovuc da Pavluşanın ovcuna tökub dedi: – Otur, burada başqa həyat vardır. Burjuaziyanın istismarı nəticəsində var-yoxdan çıxanlar, öz zəhmət qabiliyyətini itirənlər, müharibələrdə, fabrik-zavodlarda şikəst olanlar, qol-qıçlarını itirənlər tamamilə buradadırlar. Məhv olmuş fəhlələrin yetim qalmış qızlarını, oğlanlarını da burada görmək olar. Pavluşa, buradakıları öyrənmək lazımdır. Gözü olan adam üçün bura bir dərnəkdir. Biz buradakı başıpozuq və təşkil olunmamış əməkçilər içərisindən də özümüzə yoldaşlar axtarmalıyıq. Sənin kimi yanlış düşünənlər ideyalarımızı geniş kütləyə heç vaxt tanıda bilməz. Pavluşa, məndən incimə! Heç olmazsa özünü idarə etməyi və səni sevən adamlarla yoldaşcasına rəftar etməyi öyrən. Sən gecə-gündüz səninlə bir damın altında yaşayan, bütün varlığını sənin əlinə tapşırmağa hazırlanan bir qızı belə özündən qaçırdın. – Jenya, and içirəm ki, mən indiyə qədər məndən nə səbəbə küsdüyünü təyin edə bilmirəm. – Gəl bu barədə danışmayaq, ancaq sən arxayın ol, öz qəlbini möhkəm saxla. Sən bilirsən ki, mən heç vaxt əyləncə aləti olmayacağam. Mənim bədbəxtliyim orasındadır ki, öyrəndiyim bir adamı çox çətinliklə yaddan çıxara bilirəm. İndi əgər sən mənim yanıma bir iş üçün gəlmisən, söylə, yox görüşmək məqsədi ilə gəlmisənsə, danışdığımız kifayətdir. Salamat qal! Gələcəkdə də məni burada görə bilərsən. Ancaq bunu da bilməlisən ki, ürəyim səndən sınmışdır. Bu ürəyi düzəltmək üçün danışılan sözlər saqqız çeynəmək kimi bir şeydir. Saqqızdan insanın mədəsinə bir şey getmədiyi kimi, boş sözlərdən də insanın beyninə bir şey girməz. Mən buradan əl çəkməyəcəyəm, bura həyatın bir məktəbidir. Burada burjuaziyanın etdiyi zülmün bütün tablolarını görə bilirəm. Mənim inadım, mübarizə düşüncələrim burada daha da qüvvətlənir. Pavluşa məqsədini söyləmək qərarına gəldi. – Mən bura bir məqsəd üçün gəldim... kazaklar arasında iş aparılması üçün müşavirə çağrılmışdır. Yoldaş Lado səni də müşavirəyə çağırır. Bu zaman Serafima Jenyaya yanaşıb, qulağına bir söz pıçıldadı, Jenya həyəcanla qalxdı, Pavluşaya dedi: – Get, gələrəm! Pavluşanı heyrət götürdü. Bu qız nə dedi? Jenya hara getmək istəyir? Onların ardınca düşdü. On dörd nəfər soldatı tutub gətirirdilər. Jenya Pavlov Vladimirin onların içində olub-olmadığını bilmək istəyirdi. Lakin Pavlov, yolda onlara rast gəlib əllərini sıxdı və birlikdə dustaqların dalınca getdilər. Pavluşa Jenyanın soldatlar arasında işlədiyini bildiyi üçün Pavlov ilə görüşdü, Jenyanın onunla bərabər getməsindən heç də qısqanmadı. Tutulan soldatlar bir neçə gün əvvəl iclasda iştirak edən soldatlar idilər. * * * Pavluşa gizli mətbəədə idi. O, bir neçə adamla intibahnamə aparmağa gəlmişdi. Jenya gec gəldi. O, çox solğun və həyəcanlı idi. Səbəbini soruşdular. İnqilabçı soldatların tutulduğunu söylədi. Hər kəs öz hissəsinə düşən intibahnamələri götürüb lazımi yerlərə apardı. Kazaklar arasında intibahnamə yayma işi üstündə böyük mübahisə başlandı. Hər kəs bir cür təklif etdi. Jenya söylənən fikirlərin heç biri ilə razılaşmırdı. – Mən gərək vərəqələri kazakların öz əlinə tapşıram. Mətbəədəkilər bu sözə güldülər. Pavluşa da bu sözə təəccüb etdi: – Sən çaşmısan, nədir? Necə yəni «vərəqələri kazakların öz əlinə tapşıram?» Sən onları nə vasitə ilə kazakların öz əlinə tapşıra bilərsən? Jenya çox soyuqqanlı və çox da sakit bir surətdə cavab verdi: – O mənim öz işimdir! Semyon sözə qarışdı: – İndi ki, yoldaş cəsarət edərək bunu öhdəsinə alır, bu onun öz işidir! Vasya ilə Pavluşa erməni və rus dilində çap olunmuş 2100 nüsxə intibahnaməni götürüb lazımi yerinə aparmaq istəyirdilər. Pavluşa bir neçə kərə Jenya ilə danışmaq istədisə də, Jenya cavab vermədi, çünki vaxtı yox idi. Nəhayət, Pavluşa mətbəədə işləyən qadına: – Katya yoldaş, bir az tez ol! – dedikdə, Jenya iki ildən bəri zəhərli xatirəsi ilə qovrulduğu məktubu bir daha xatırladı: «Jenyadan əl çəkib Katya ilə olmaq lazımdır!». Jenya bir Pavluşaya, bir də Katyaya baxdı, onun tükləri biz-biz oldu, sanki onun başına bir qazan qaynar su tökdülər, tərlədi, bədəni titrədi, öz-özünə dedi: «Katya budurmu? Mənim yoldaşımı əlimdən alan bu məlundurmu?». Jenyanın gözlərindən çıxan alov Katyanı yandırmaq istəyirdi. Katya intibahnamələri Jenyaya təhvil verirkən, Jenya onları Katyanın əlindən acıqla dartıb aldı: – Ver bura! İnsan yaşadıqca nə pis sifətlər görür! Mətbəədə olanlar Jenyanın bu hərəkətinə təəccüb etdilər. Katyanın özü də Jenyanın bu hərəkətinə heyrət etdi, gülümsündü: – İnqilabçı qız işin ağırlığından, ya da vəzifənin məsuliyyətindən əsəbiləşmişdir, – dedi. Jenya daha danışmadı və heç kəsin üzünə baxmadı. Jenya Voronsovski küçə ilə gedirkən tində duran və bığlarını tumarlaya-tumarlaya gəzinən qorodovoy onu paltaryuyan bir qız zənn etdi. Qorodovoy Jenyanın əlindəki yuyulmuş ağ paltar boğçasına deyil, özünə baxırdı. * * * Səhər tezdən kazak qışlası qabağında fındıq, şabalıd, günəbaxan tumu və bulka satan alverçi qadınlar cərgəsində gənc bir qız da durmuşdu. Bu qız fındığı öz qiymətindən ucuz satdığı üçün köhnə alverçilər onu burunlamağa başladılar. – Bazarımızı xarablama! – Biz bazarın qiymətini bilirik. Nə üçün malını mayasına satırsan? – Xalqın bir parça çörəyinə mane olma! – Səndən alverçi çıxmaz! Bu qiymətə mal satsan, bir neçə gündən sonra ayağında tumanın da qalmaz. – İşin yoxdursa, bir yaxşı ev bilirəm, səni ora qulluqçu düzəldərəm. Alveri bacarmırsan. – Nə üçün tələsirsən? Axşama qədər hamısı satılacaqdır. – Mən bilirəm ki, sən malı satdığın qiymətə almamısan... Jenya bu sözlərin heç birinə əhəmiyyət vermirdi. Qışladan çıxan kazakların hamısı: Təzə alverçi qız gözəldir! – deyə onun ətrafına toplanırdı. Jenya tez-tez fındığı intibahnamələrə doldurub verirdi. Alverçi qadınlardan Dunya Jenyanın bu hərəkətinə dözə bilmədi, onu o ki lazımdır söydü və qışlanın qabağından qovmaq istədi, başqa alverçi qadınlar da ona kömək etdilər. Jenya onlara çox mülayimliklə deyirdi: – Mən malı ucuz almışam, ucuz da satacağam. Qazancım olur. Kazaklar da yoxsuldurlar, onların dərisini soya bilmərəm ki! Alverçi qadınlardan Manya onun qabağındakı səbəti götürüb dedi: – Hamısını bir yerdən çəkib ver mənə! – Jenyanın yanındakı intibahnamələri də qamarladı. – İndi ki, fındıqları verdin, kağızları da ver! Jenya səbətini götürüb gedəndən yarım saat sonra, qışlanın qabağında alver edən rus qadınlarının hamısını tutub jandarm idarəsinə apardılar. Kazaklar arasına yayılmış siyasi vərəqələrdən ancaq əllisi jandarmların əlinə keçmişdi. Qalanlarını kazaklar bir-birinə ötürüb gizlətmişdilər. * * * Həqiqət meydana çıxdı Jenyanın iştirak etdiyi siyasi dərnəyin rəhbəri dəyişilmişdi. Sibirdən təzəcə qayıtmış, gizli mətbəədə çalışan Katya dərnəyə rəhbər təyin olunmuşdu. Katya dərnəyə təyin olunandan bəri Jenya hər məşğələ zamanı ona cürbəcür suallar verirdi ki, bunların da dərnək məşğələləri ilə əsla əlaqəsi yox idi. Bu günkü məşğələnin mövzusu Rusiyada xalqçıların xətt-hərəkəti idi. Jenyanın verdiyi suallar isə sosializm cəmiyyətində ailə vəziyyəti və ailə quruluşu haqqında idi. Məsələn, Katya Lenin ilə Martov arasında gedən mübahisələrdən danışarkən Jenya ona belə bir sual verdi: – Yoldaşının ailə həyatında pozğunluq törədən bir partiya üzvü haqqında nə demək olar? Katya bu sualları cavabsız buraxa bilməzdi, çünki dərnəkdə Jenyadan əlavə başqa qadınlar da var idi. Buna görə də Katya birinci olaraq Jenyanın əvvəlinci sualına cavab verdi: – Sosializm cəmiyyətində ailə vəziyyəti və ailə quruluşu haqqında uzun-uzadı danışmaq lazım gəlir. Jenya yoldaşın sualına cavab olaraq, deməliyəm ki, ailədə bərabərsizliyin ləğvi sosializm cəmiyyəti ailəsinin birinci şərtlərindəndir. İkinci sual haqqında isə bunu deyə bilərəm: Partiya, yoldaşının ailə həyatında pozğunluq törədən bir partiya üzvünü, şiddətlə məzəmmət edər. Lakin hələlik sosializm tərbiyəsi almamış olan bir çox yoldaşlar vardır ki, onlardan sosializm cəmiyyətindəki rəftar və intizamı tələb etmək olmaz, çünki onlar hələlik sosializmin əsas məsələlərini keçməmiş və həmin cəmiyyətə aid tərbiyəvi məsələni çox az eşitmişlər. Katya sözünü bitirməmiş, Jenya ona daha bir sual verdi: – Gündə birisini sevən bir qadın haqqında nə deyə bilərsiniz? Katya cavab verdi: – Hərgah sevgisi sağlam yoldaşlıq sevgisidirsə, onu təbrik etmək lazımdır. Jenya bir sual da verdi: – Hərgah bir zamanda bir neçəsini sevərsə və bir neçəsini aldatmış olarsa, elə bir inqilabçıya nə demək olar? – Əlbəttə ki, elələri inqilabçı yox, fırıldaqçılardır. Bu günkü dərnəyin iclasında Vasya, Əsgər, Ayrapet və sairləri də var idi. Onlar Jenyanın bu kimi yersiz suallarla dərnək rəhbəri Katyanın vaxtını aldığını hiss edərək sualların kəsilməsini təklif etdilər. Məşğələ bitdi. Jenya ilə Katya dərnəkdən birlikdə çıxdılar. Xeyli yol getdilər. Jenya Katyanı dindirmədi. O, daim öz fikrində kitab arasından götürdüyü kağızı oxuyurdu: «Jenyadan əl çəkib, Katya ilə olmaq lazımdır». Bu cümlə onun qəlbində və gözlərində gəzirdi. Katyanın üzünə tərs-tərs baxaraq, bəzən də onu özü ilə müqayisə edirdi. Katya sükutu pozub Jenyanı danışdırdı: – Dediyiniz suallar mühüm suallardır. Lakin hazırkı mühitdə bu kimi məsələlərin həyata keçirilməsi heç də mümkün deyildir. Bizim bütün vaxtımız hələlik başqa sahələrdə sərf edilməlidir. Biz hələlik böyük bir düşmənlə mübarizə aparırıq. Hələ hökumət proletariatın əlində deyil, hökmranlıq çarın və burjuaziyanın əlindədir. Hökumət bizim əlimizə keçdikdən sonra biz hər bir məsələyə ciddi yanaşdığımız kimi, ailə məsələsinə də marksizm əsasları üzərində yanaşacağıq. Biz sosializm quruluşunun hər bir sahəsində çalışdığımız kimi, ailə quruluşu üzərində də işləyəcəyik. Jenya gülərək dedi: – Biz indidən gələcək cəmiyyətin əsasını və təməl daşını qoymaqdayıq. Biz bu təməli çürük və dəyərsiz əsaslar üzərində qoymamalıyıq. Biz sıramızı sağlam fikirli və sağlam əqidəli yoldaşlarla möhkəm etməliyik. Məncə, hər kəsin üzünə gülən, hər kişinin gülüşünə sevgi deyərək qucağına atılan qadınlardan gələcək ailənin anası ola bilməz. Biz heç vaxt əxlaqsızlığa və həyasızlığa sevgi adı verib təbrik etməməliyik. Katya: – Sözünüz doğrudur! – dedi. – Biz yeri gəldikdə bu kimilərlə mübarizə aparar və islah edərik. İslaha qabil olmayanları isə öz sıramızdan bayıra atarıq. Yoldaş Jenya, indi biz bu məsələni dərindən qoymuş olarsaq, bəlkə də onunla sıramızda pozğunluq törədə bilərik. Jenya: – Hər kəs özgəyə deyil, özünə, öz əxlaqına göz gəzdirməlidir, – dedi. – Bəlkə də biz o nöqsanlardan bir çoxunu özümüzdə də görə bilərik. Onlar ayrılacaqdılar. Katya heç bir söz demədən onun üzünə diqqətlə baxdı və: – Salamat qal, yoldaş! – deyə əlini Jenyaya uzatdı. Jenya: – Yoldaşlar imkan verərsə, salamat qalmaq mümkündür, – dedi və Katyanın əlini sıxmadan yoluna davam etdi. O, gözdən qayıb oluncaya qədər Katya təəccüblə onun dalınca baxır və bu kinayəli sözün səbəbini bilmək istəyirdi. * * * Bu günkü dərnək məşğələsində partiya daxilində olan cərəyanlar məsələsi dururdu. Məsələlər «İskra» və «Yujnı raboçi» ətrafında gedirdi. Dərnək rəhbəri Katya, Vladimir İliçin bu sahədəki tarixi məktubuna keçərək dedi: – Bizdə belə bir şüar vardır: («Jenyadan uzaqlaşmaq,) Katyanı saxlamaq». Katya bu cümləni izah etmək üçün sözünə davam etdi: «Jenya» – «Yujnı raboçi», «Katya» isə «İskra» qəzetinin gizli adıdır, – deyərkən Jenyanın bədəni titrədi, tükləri qabardı, sanki yuxudan ayıldı. Təxminən bu cümləni o, Pavluşanın kitabının arasından götürdüyü kağızda oxumuşdu və bunun üçün Pavluşadan ayrılmışdı. Bu cümlə üstündə dərnək rəhbəri Katyanı da bir neçə kərə təhqir etmişdi. Jenya bütün bunları xəyalına gətirərək xəcalət çəkdi, özünü itirdi və nə edəcəyini bilmədi. Redikülündən kağızı çıxartdı. İki il idi ki, onu hər gün gözdən keçirir, bununla Pavluşaya olan nifrətini artırırdı. Jenya dərnəkdən necə çıxdığını və evlərinə necə qayıtdığını özü də hiss etmədi. Evdə də oturub, buraxdığı səhvin barəsində düşünürkən Pavluşa, Vasya, Əsgər və sair yoldaşlar onların evində idilər. Pavluşa tez getməyə tələsirdi, çünki Jenyanın danışmaması ailədə uyğunsuzluq törədirdi. Hətta Pavluşa olan stolda Jenya nə çay içir, nə də yemək yeyirdi. Pavluşa qalxıb: – Əfv ediniz, mən sizi həddindən artıq rahatsız etdim, getmək lazımdır, – dedi. Jenya başını əlləri arasından qaldırıb: – Otur, Pavluşa! – dedi. – Səninlə lazımlı söhbətim vardır. Evdəkilər Jenyanın Pavluşanı dindirməsinə təəccüb etdilər. Onda birdən-birə əmələ gələn bu dəyişikliyin səbəbini öyrənmək üçün maraqlandılar. Lakin Pavluşa təəccüb etmirdi, ancaq qorxulu və həyəcanlı anlar keçirir və yenə də Jenyanın bir ixtilaf çıxaracağından ehtiyat edirdi. Pavluşa oturdu. Jenya əl-üzünü yudu, saçlarını düzəltmək üçün küzgünün qabağına keçdi, bununla da Pavluşaya keçən illərin nəşəli tarixini xatırlatdı. Jenya iki il bundan əvvəl olduğu kimi, gəlib Pavluşanın yanında oturdu. Gülürdü, lakin gülüşləri xəcalətli gülüşlərdi. Çay süzdü, yenə birinci stəkanı Pavluşanın qabağına qoydu. – Aralıqda heç bir ixtilaf yoxdur, – dedi. – Təşkilatımız yaxşı çalışmışdır. Gələcəyin qələbəsi indidən təmin edilmişdir. Bu sözlər orada oturanları təəccübləndirirdi. Onlar Jenyada olan bu ani dəyişikliyə heç bir məna verə bilmirdilər. Məmməd xırda və yaxından görən gözlərini stolun üstündəki çaylara çevirib Jenyadan soruşdu: – Bəs bizim çayımız hanı? Pavluşa öz stəkanını Məmmədin qabağına qoyub dedi: – Mənim çayımı içə bilərsən. Görünür, stəkan çatmır. – Mənə stəkan-zad lazım deyil, mən nəlbəkidə içəcəyəm, – Çaylar içildi, Məmməd yoldaşlarına dedi: – İndi durub gedək. Bir yerdə oturmağımız qorxuludur. Hamı ayağa qalxdı. Jenya: – Mən də Katyanın yanına gedəcəyəm, – dedi, – ondan bəzi sözlər öyrənəcəyəm. Əsgər qəhqəhə ilə güldü: – Jenyanı heç anlaya bilmədim. İndiyə qədər Katyanı hər yerdə görürsə, təhqir edirdi, indi isə «bəzi məsələlər öyrənmək üçün» onun yanına gedir. Jenya çox sakit bir surətdə dedi: – İnsan həmişə bir vəziyyətdə qalmaz ki! İndi nə Katya əvvəlki Katya, nə də Pavluşa əvvəlki Pavluşadır. Vasya Jenyadan soruşdu: – Sən özün necə, dəyişdinmi? – Dəyişdim. Bunu özüm də hiss edirəm. İndi özümdə bəzi uyğunsuz hərəkətlər olduğunu anlayıram. Bir çox qadınlar hisslərinin əsiri olduğu kimi, mən də hissimin əsiriyəm. Qadınlar həqiqəti kişilərdən daha artıq sevirlər, lakin bəzi səbəblər nəticəsində onu axtarıb tapmağa acizdirlər. Mən də belə. Vəzifə yoldaşlığını nə qədər düzgün və doğru apara bilirəmsə də, şəxsi həyatımın düzgün aparılması işində acizəm. Nə etməli? Taleyimi bir daha sınayaram. Jenya bu sözləri deyərək, ata-anası ilə vidalaşıb çıxdı, çünki o, evlərində yaşaya bilmirdi. * * * Çarşaflı qadın aradan çıxdı 1902-ci il sentyabrın ikisində, Bakı təşkilatının rəhbəri və gizli mətbəənin yekanə təşkilatçısı Lado Ketsxoveli və onunla bərabər bir çox rəhbər fəhlə tutuldu. Çar hökuməti min doqquz yüz ikinci ilin may nümayişindən aldığı təsirlər nəticəsində Bakı təşkilatı ətrafına toplananları ciddi təqib etməyə başladı və polis mühafizə şöbəsi sədri Lavrovun təlaşı sayəsində sosial-demokratların tutulmasına nail oldu. Ketsxoveli hələ Bakı dustaqxanasında idi. Lakin o, yenə də fəhlə hərəkatına rəhbərlik edirdi. Çar hökuməti onu Bakıda çox saxlamadı, Tiflisə Metex dustaqxanasına göndərdi. Lado tutulduqdan sonra onun təşkil etdiyi gizli mətbəə də öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Mətbəənin dayandırılması hamıdan artıq Jenyaya təsir edirdi, sanki onun bütün varlığı mətbəə ilə bərabər öz hərəkətini dayandırmışdı. Tez-tez Krasin və sair yoldaşların yanına gedir, mətbəənin nə vaxt işə başlayacağını soruşurdu. Nəhayət, günlərin birində Jenya Katyanın görüşünə getdi və işsizlikdən şikayətləndi. Özünün mətbəə işləri ilə maraqlandığını və bunsuz yaşaya bilmədiyini söylədi. Katya Jenyanın bu vəziyyətinə olduqca acıdı, ona yeni təşəbbüslər haqqında məlumat verdi: – Sən bilirsən ki, vəziyyət çox ağırdır. Jandarm idarəsi göz açmağa aman vermir. Pasport məsələsi çox müşkül bir iş olmuşdur. Bakıda olan bir çox yoldaşların pasportu yoxdur. Hazırda bizim kiçik bir qrupumuz vardır ki, o, köhnə pasportlardan təzə pasportlar düzəltmək və kiçik həcmdə intibahnamələr, vərəqələr çap etməklə məşğuldur. Hərgah meylin varsa, orada işləyə bilərsən. Jenya bu təklifdən çox sevindi. – Orada mən kimlərlə işləyəcəyəm? – Orada işləyən bir mənəm, bir də Busingin. Yankovski, Pyatnitski və başqa yoldaşlar, hamısı sənin tanıdığın yoldaşlardır. Bu sözlərdən sonra Katya Jenyanı da özü ilə bərabər Verxni kladbişşenski küçəyə gətirdi və onu bir azərbaycanlının evində yerləşən yoldaşlarla tanış elədi. Jenya bir aydan artıq bütün vaxtını burada keçirdi. O, öz fəaliyyəti ilə bütün yoldaşlarının hüsn-rəğbətini qazandı. Bakı jandarmeriyası Bakıda belə bir qrupun çalışdığını, əldə edilən intibahnamələrdən anlasa belə, qrupun işlədiyi yeri tapa bilməmişdi. * * * Bu gün Jenya gündüz saat ikidən gecə saat on iki tamama qədər işləmişdi; hər günkünə nisbətən yüz faiz artıq intibahnamə çap edilmişdi. Nəhayət, saat 12-də Jenyanı yuxu rahatsız etməyə başladı. Pəncərənin qabağında oturub dinçini almaq istədi. Pəncərədən, qara dumanların yorğanına bürünüb yatmaq istəyən Bakı şəhərinə baxmağa başladı. Yuxusu qaçdı. Qaraşəhərin bacalarından qalxan qara tüstü ayın ağ üzünü bir həbəş qızı üzünə döndərirdi. Ulduzlar, Metex dustaqxanasında saxlanılan Lado yoldaşın yuxu bilməyən gözləri kimi etirazlı baxışlarla baxırdı. Bakı üfüqləri, Qafqaz canişini knyaz Qolitsinin fikri qədər qaralmış, Kaspi dənizi Runiç, Lavrov jandarmının qamçıları altında inləyən ürəklər kimi çırpınırdı. Limanda duran gəmilərin, manevr edən parovozların arabir fit səsi gəlirdi. Qoçuların atışması da eşidilirdi. Saat birə bir neçə dəqiqə işləmişdi. Ülkər ulduzu Narkin adası üzərində durub incə rişələrini suvarmaq üçün dənizə salırdı. Ay matəmli bir qadın kimi buludların qara çarşafına bürünüb, müsəlman qəbiristanının qəbir daşları üstündə durmuşdu. Narın yağış yağır, qəbir daşlarını göz yaşı kimi isladırdı. Qabırğasında qamçı izləri qalan konka atları istirahətə buraxılırkən, fabrik-zavodların fitləri verildi, gündüz saat ikidən gecə saat 12-yə qədər işləyən, zəhmətini bir qarın çörəyə satan Bakı əməkçilərinin işdən azad olduğunu elan etdi. Birdən Jenyanın qulağına bir çinkilti səsi gəldi. Bu səs, jandarmların çəkməsinin dabanında olan məhmizlərin səsinə bənzəyirdi. Jenya otaqdakılara dedi: – Yığışdırın! Jandarm gəlir! Lazımi vəsiqələr tamamilə gizlədildi. Məhv edilməli şeylər məhv edildi. Lakin doqquz pud ağırlığında olan ədəbiyyatı məhv etmək mümkün olmadı, onu bağlayıb dal pəncərədən aşağı atdılar. Yük pəncərənin dibində duran jandarmın qabağında yerə düşdü. Qapı vuruldu. Bu səs yuxarıda çalışan gizlin dəstənin vüqarını heç də poza bilmədi. Jandarmlar bu gün bir çoxları ilə bərabər Jenyanı da əldə edəcəyinə şübhə etmirdi. Qapı ikinci dəfə vurulduqda başında ağ çarşaf, qucağında körpəsini tutan bir müsəlman qadını qapını açdı. Jandarmlardan biri soruşdu: – Yuxarıda gürcü var, urus var? Qadın başı ilə var işarəsini etdi. Barmağı ilə də pilləkanı göstərdi. Polis və jandarmlar, gizli qrup işləyən evin altını üstünə çevirincəyə qədər axtardılar. Gizlədilən vəsiqələrdən başqa hər bir şey ələ keçdi. Jenyanı tapmadılar. Jandarmlar buna çox təəccüb etdilər. Onlar Jenyanın bu otaqda olduğunu bilirdilər. Qapıda duran jandarmlar dedi: – Bayıra ancaq çarşaflı, qucağında körpə uşaq olan müsəlman qadını çıxdı. Jandarmlar otaqdakıları tutub aparırkən birisi: – Şeytan qız, bu dəfə də əlimizdən qaçdı, – dedi. * * * İki mart nümayişi 1903-cü ilin yazı heç kəsin gözləmədiyi bir ruh yüksəkliyi ilə gəldi. Kütlələrin qəlbi fərəhlənir, hər kəs öz sözünü, öz tələbini mitinglərdə, nümayişlərdə deməyə həvəslənirdi. Bakı proletariatı 1903-cü ilin may nümayişinə mart ayından başlayaraq hazırlanırdı. Bakı proletariatının mart ayının 2-də olacaq nümayişi, may nümayişi üçün aparılan hazırlığın imtahanı demək idi. Mart ayının 2-də olacaq nümayiş üçün bütün fabrik-zavodlarda və müəssisələrdə hazırlıq aparılırdı. Vəzifələr fəhlələr arasında bölünmüşdü. Jenya mart nümayişinə hazırlıq aparmaq üçün Qaraşəhərə getmişdi. O, Əlibəyovun kəndir fabrikində olan tanış fəhlələrlə görüşməli, mart nümayişi üçün nə iş görüldüyünü öyrənməli idi. Jenya həyətə girdiyi zaman, fəhlələrin istirahət saatı idi. Onlar xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. Məmməd Jenyanı görən kimi nə üçün gəldiyini anladı və dərhal: – Jenya bacı, yəqin ki, axtara-axtara gəlib məni burada tapmısan, – dedi. Onlar bir-birinin əlini sıxdılar. Jenya da oturdu. Məmməd əlini cibinə saldı, çıxardığı tumu Jenyanın ovcuna tökdü, tum çırtlaya-çırtlaya Jenyanı yoldaşlarına tanıtdı: – Bizim dostumuzun qızıdır. Bizimkilərdəndir. Siz eləsiniz, qızlığına baxmayın, ağzına tapança sıxsan qayıtmaz. Mən bunun igidliyini bir neçə kərə görmüşəm. Sağlıq olsa siz də görərsiniz. Məmməd Jenyanı onlarla tanış elədi, sonra qırağda oturub qəzet oxuyan oğlanla da onu tanış etdi: – Bu da bizim təzə yoldaşımızdır, – dedi. Jenya onun əlini sıxaraq: – Bu yoldaşı birinci dəfədir ki, görürəm, – dedi. Gənc oğlan çox sakit bir surətdə dedi: – Bəli, əziz yoldaş, sözünüz doğrudur! Mən Bakıya bir neçə gündür ki, gəlmişəm. Bu danışıqdan sonra Məmməd gənci bir daha Jenyaya təqdim edərək: – Bu yoldaş bizim tiflisli yoldaşlarımızdandır, – dedi. – Adı da Montindir. Jenya onun əlini ikinci dəfə sıxdı. – Mən nə qədər xoşbəxt oldum! Sizin gəldiyinizi Pavluşa mənə demişdi. Montin Jenyadan soruşdu: – Siz Pavluşa ilə tanışsınız? – Bəli, biz məslək yoldaşıyıq, tanışıq. Siz onu hardan tanıyırsınız? – Bir gün əvvəl tanış oldum. Olduqca dəyərli yoldaşdır. Sonra nümayişə hazırlanmaq məsələsinə keçərək Jenya Məmməddən soruşdu: – Burada bir iş görmək mümkün olacaqdırmı? – Montin yoldaş işləyən bir yerdə iş görmək çətin niyə olsun? Montin bu sözləri dinləyərək bir az düşündü və sonra dedi: – Proletariatın bir xüsusiyyəti vardır ki, o da çətinlik qarşısında ruhdan düşməmək, mübarizəyə daha ciddi bir surətdə girməkdir. Biz 1902-ci ildə Lado yoldaşın və onunla bərabər bir çox rəhbər Bakı fəhləsinin tutulduğunu Tiflisdə eşitdiyimiz zaman heç də ruhdan düşmədik və Bakı fəhlələrinin daha da ciddi mübarizəyə hazır olacağını yəqin etdik. Bakıya gəldim. Bu fikrin tamamilə doğru olduğunu gördüm. Sizi əmin edirəm ki, Əlibəyov fabriki fəhlələri nümayişin lehinə bir səslə səs verəcəkdir. İş başlanan vaxt Jenya və Məmməd Montinin əlini sıxıb ayrıldılar. * * * Mart ayının ikisi idi. Bakı proletariatının iki aydan bəri hazırlıq apardığı nümayişin günü idi. Ürəklərdə bir arzu kimi bəslənən nümayiş duyğuları həyata keçmək üzrə idi. Şəhərdə adi həyat davam edirdi. Bakı polisi minlərlə ürəkdə coşan intiqam hisslərindən xəbərdar deyildi. Qorodovoylar, jandarmlar yenə də öz duracaqlarında gəzişir və gəlib-gedənləri it kimi qorxudurdular. Buna baxmayaraq, Parapet ətrafında Bakı polisi üçün tanınmayan adamlar görünməyə başlamışdı. Ciblərində daş, əllərində ağac olub erməni kilsəsinin ətrafında dolaşan Bakı fəhlələri yan-yörədə gəzişən polislərin adi düşüncəsini qıdıqlamağa və rahatsız etməyə başladılar. Pavluşa, Vasya və Ayrapet erməni kilsəsi ilə «Bakı» qəzeti çıxan mətbəənin küncündə bir-birlərini gözləməyə söz vermişdilər. Məmmədlə Əsgər kəndə getdikləri üçün Parapetə çox gec gəldilər. Onların hər birinin əlində möhkəm bir nar çubuğu var idi. Çubuqlar qorodovoyların nəzərini cəlb etdi. Bir qorodovoy onlara yaxın gəlib dedi: – Bura qoyun otarmaq yeri deyil, rədd olun buradan! Üst-başları cındır çobanlar!.. Nə Əsgər, nə də Məmməd cavab verdi. Onlar Parapetin o biri tərəfinə keçərkən Pavluşaya və onun yoldaşlarına rast gəldilər. Dəstə yavaş-yavaş çoxalmağa başladı. Onlar daha bir yerdə dura bilmədilər, çünki ətrafda duran jandarm və qorodovoylar bir şey duymuş köpək kimi ətrafı həyəcanlı bir surətdə gözdən keçirirdilər. Əhali çoxalırdı. Həyat adi şəklindən çıxmağa başlamışdı. Jandarm onbaşısı mətbəəyə girdi, vəziyyəti jandarm miralayına xəbər verib yenə də bayıra çıxdı. Yanında duran jandarm nəfərlərinin qulağına bir şey pıçıldadı. Qaraşəhər fəhlələri də gəldilər. Montinin alovlu gözləri parlamağa başladı. Əlibəyov zavodunun fəhlələri Nobel müəssisələri fəhlələrinə qoşulub gəlmişdilər. Pavluşa nə qədər göz gəzdirdisə, Jenyanı görə bilmədi. Onun bu kimi mühüm bir gündə aralığa çıxmaması və nümayişdə iştirak etməməsi Pavluşanı və yoldaşlarını düşündürməyə bilməzdi. O, Əsgərdən soruşdu: – Bəs o necə oldu? Harada qaldı? – Onun adı olmazmı?! – O da... – Axır, adını deməmiş, mən nə bilim kimi soruşursan? – Jenyanı! – Hə, Jenyanı... O dünən saat birdə mənimlə görüşdü, dedi ki, Bibiheybətə gedəcəyəm. Nümayişə də oradan gələcəyəm. Pavluşa Parapet ətrafını gəzdi. Bir neçə dəqiqədən sonra Jenyanın üç nəfərlə gəldiyini gördü. Pavluşa cürət edib Jenyaya yaxınlaşmadı, çünki bir neçə gün əvvəl yenə onların sözü tərs gəlmişdi. Jenya Pavluşanı səslədi: – Bura gəl, yoldaş Pavel! Pavluşa getdi. Jenya ona əl uzatmadan yanındakı yoldaşlarını ona tanıtdı: – Bunlar Bibiheybətdən gələn yoldaşlardır. Bu Xanlar Səfərəliyevdir, çox dəyərli bir yoldaşdır. Bu Koçetkov yoldaşdır. Bu da Boriyev yoldaşdır. Hər üçü Bibiheybətdə Nəftəlan cəmiyyəti fəhlələrindəndir. Bir-birinin əllərini sıxdılar. Pavluşa bu tanışlıqdan olduqca şadlandı, çünki Bibiheybət menşevikləri ilə mübarizə etmək üçün Bibiheybət işçiləri arasında ciddi iş aparmaq lazım gəlirdi. – Bəs qalan yoldaşlar hanı? Elə dörd nəfərsiniz? Jenya: – Xeyr, – dedi, – hökumət elə bilir ki, nümayiş Parapet ətrafından başlanacaqdır. Ona görə də öz qüvvəsini buraya toplamışdır. Bu da çox yaxşı oldu. Biz bütün yoldaşlarla belə məsləhət görmüşük ki, hökuməti aldadaq, nümayişi Malakan bağı ətrafında başlayaq. Sən get yoldaşlara da xəbər ver. Yavaş-yavaş ora getsinlər. Jenya yoldaşlarından ayrıldı və hara getdiyi haqqında heç bir söz söyləmədi. Pavluşa yoldaşların əlini sıxıb ayrılırkən Xanlara dedi: – Mən səninlə tanış olduğuma çox sevindim. Azərbaycanlıların sayı cərgəmizdə artdıqca bizim ümidlərimiz də artır. Çox rica edirəm ki, biz tez-tez görüşək. Pavluşa yoldaşlarını xəbərdar etmək üçün getdi. Tez dəstələrin içərisinə soxulub, bütün nümayiş rəhbərlərini və dəstə başçılarını məsələdən xəbərdar elədi. Nümayişin Malakan bağı ətrafında başlanacağını söylədi. Bu tapşırığa baxmayaraq, Parapet ətrafında həddindən artıq fəhlə və şəhər camaatı toplanmışdı. Saat 11 tamam idi. Təşkil olunmuş fəhlələr yavaş-yavaş Malakan bağı ətrafında toplandılar. Parapet ətrafında qalanların doxsan faizi bekar camaatdan ibarət idi. Sanki şəhər xalqı da bu gün xariquladə bir hadisə olacağını hiss edirdi. Jandarm və polis nəfərlərinin «Rədd olun, dağılın!» sözlərinə, atlı kazakların qamçı oynatmasına əhəmiyyət verməyərək, maraqlandıqları hadisəni gözləyirdilər. Saat 12-yə işləyəndə qəribə bir səs eşidildi. Başlar ixtiyarsız olaraq səs gələn tərəfə çevrildi. Bu səsin indiyə qədər eşidilməmiş, çox da cürətli bir səs olduğunu hamı təsdiq edir və təəccüb edirdi. Səs, incə və zərif bir boğazdan çıxdığına baxmayaraq, böyük bir gurultu qopartdı. Bu səs bomba kimi Bakı burjuaziyasının geniş şüşəli pəncərələrini çinkildətdi. Gözləri hədəqəsindən çıxmış, açıqlanmış, həm də qorxuya düşmüş burjuylar pəncərələrini açıb bu səsin haradan gəldiyini və kimin ağzından çıxdığını bilmək istədilər. Onlar tələ sahibini görmüş tülkü kimi əsirdilər. Bu səs Parapet ətrafında duran çar polisini və kazaklarını da heyrətə saldı. Onlar Parapetdən Malakan bağına tərəf getmək əmrini aldılar, lakin bura gəlmək üçün insan sellərini yarıb keçmək lazım gəlirdi. Bu səs bir daha eşidildi: «Yoldaşlar, qızıl bayraq altına!». Bu sözləri deyən Jenya idi. Jenya qırmızı köynək geymiş, səkkiz nəfərlik bir qadın qrupu ilə irəliləyirdi! Bakı proletariatı əllərində qızıl bayraq daşıyan qadın dəstəsinin ətrafını bürüdü. Səkkiz nəfər qadın inqilab bayrağını göz bəbəyi kimi qoruyaraq, iki mindən artıq proletariatın ilk sıralarında gedirdi. Pavluşa Jenyanın bu böyük qəhrəmanlığını görüncə sevincindən: – Yaşasın Jenya! – deyə bağırdı. Məmməd onu dümsükləyib: – Ada, sən kiçsən, nəsən? – deyə sakit etdi. «Yaşasın qızıl bayraq! Rədd olsun mütləqiyyət!» – sözləri minlərlə ağızdan çıxırdı. Gizli mətbəədə çap olunmuş intibahnamələr göydən qar parçaları kimi yağmağa başlamışdı. Polis və jandarm nəfərləri kütlələrə qoşulub havada uçan intibahnamələri ovlamağa və öz ağalarına hədiyyə aparmağa çalışırdılar. Kazaklar atlarını qızıl bayraq daşıyanların üstünə məhmizlədilər, lakin fəhlələrin əlindəki dəyənəklərin qabağında bir iş görə bilməyib geri qayıtdılar. Əsgər və Məmməd Mariniski küçənin tinində, yarım saat əvvəl onlara «rədd olun buradan üst-başları cırıq çobanlar!» – deyən qorodovoya təsadüf etdilər. Qorodovoy onları dərhal tanıdı: «Afərin uşaqlar!» – deyə yaltaqlandı və yaxasını qurtarmaq istədi, lakin buna müvəffəq ola bilmədi. Əsgərlə Məmməd onu əllərindəki nar çubuğuna tutdular. Nar çubuqları sınmaq və yorulmaq bilmədi. Qorodovoyun boynunda çubuq yerləri zol-zol durdu. Qorodovoy köpək kimi arxası üstünə düşüb yalvarırdı. Kazakların və jandarmların mane olmalarına baxmayaraq, dəstələr Naberejnı küçəyə tərəf hərəkət etdilər. Kütlə sel kimi axırdı. Bu hərəkət Bakı polisini düşündürməyə və daha da rahatsız etməyə başladı. Onlar yeni qüvvə almaq üçün yuxarı polis orqanlarına müraciət etdilər. Qubernator Naberejnı küçədə yaşadığı üçün nümayişçiləri bu küçəyə buraxmamaq lazım gəlirdi. Qamçılar işə düşdü. «Vurun, tutun, dağıdın!» səsləri ucaldı. Lakin qızıl bayraq öz hərəkətini dayandırmamışdı. O, arxasınca sel kimi axan dəstələrə rəhbərlik edirdi. Əllərində ağac tutmuş fəhlələr bayrağın müdafiəsi üçün gedirdilər. Daş, ağac Bakı polisinin üstünə yağırdı. Bu gün, Bakı polisinin görmədiyi tarixi bir hadisə meydana gəldi: o da Bakı proletariatının silah işlətməsi idi; fəhlə sıralarından da güllə səsi eşidilməyə başlamışdı. «Vurun bu qara köpəkləri, yoldaşlar!» səsini minlərlə fəhlənin ağzından eşitmək olardı. Bolşeviklər partiyasının silahlı mübarizəyə keçmək şüarları Bakı fəhləsini çar polisilə vuruşmaq üçün qabaq sıralara sövq edirdi. Qubernatorun müavini meydana çıxdı. Bu zaman Ayrapet, Məmməd və Pavluşa üç nəfər qorodovoyla vuruşurdular. Qorodovoylar qubernator müavinini görüncə qudurğan köpək kimi fəhlələrin üstünə atıldılar. Ayrapetin, Məmmədin və Pavluşanın əl-qolunu bağlamağa çalışdılar. Pavluşa və yoldaşları qubernator müavininin gəlməsindən xəbərdar deyildilər. Müavin, fəhlələrin qorodovoyla çarpışdıqlarını və onu döydüklərini görüb, yanındakı kazakla bərabər onlara yanaşmağa başladı. Jenya bunu görürdü. O, Pavluşa ilə onun yoldaşlarını heç gözdən qoymurdu. O, əlini uzadıb döşəmədən bir daş götürdü. Bu daş bir çoxlarını polis əlindən qurtardı. Jenyanın atdığı bu daş qubernator müavininin başını yarmışdı. Polis və jandarmların başı bu hadisəyə qarışdı. Fəhlələr də kütlələr arasında gözdən itdilər. Üç saat davam edən bu nümayiş Bakının daş qalalarında yerləşən burjuaziyaya qandırdı ki, bu qalalar çox da möhkəm deyildir. Bir gün Bakı fəhlələri bu qalaları öz proletar partiyasının rəhbərliyi altında fəth edə biləcəkdir. Ağac, daş, balta və xəncərlərin polis silahına üstün gəldiyini görən Bakı milyonçuları artıq Bakı fəhlələrinin qorxulu bir qüvvə olduğunu yəqin etdilər. «Yaşasın sosializm!» səsləri üç-dörd mərtəbəli evlərdə yaşayan «nəcib» ailələrə vəlvələ saldı. Bütün pəncərələr örtüldü, pərdələri salındı. «Rədd olsun burjuaziya!» səsləri salondakı pianoların səslərinə də qorxulu bir ahəng verdi. Pianoların üzərində nazlanan barmaqlar titrəməyə, həssaslığını itirməyə başladı. Nota kağızları üstündəki işarələr ilan və əqrəb şəklində göründü. Əyləncəyə, keyfə baxmağa öyrənmiş dövlətlilər küçədə qopan qiyamətə dəhşətlə baxırdılar. Hər kəs və hər şey olduğu yerində: vannada çimənlər – vannada, ağ qətifələrə bürünənlər – qətifələrdə, bəzənənlər – tualet otaqlarında donub qalmışdılar. Çaylar, qəhvələr stol üstündə soyumuşdu. Bakı küçələrindən qalxan səslər, burjuaziya və aristokrat ailələrinin yuxudan qalxdığı və «səhər məşğuliyyətinə» başladığı anlarda eşidildiyi üçün daha təsirli idi. Palıd ağacından qayrılmış qapılar qapanır, arxasına dəmir lomlar salınırdı. Burjuaziya qapıçılara və gözətçilərə silah paylayır, telefonla polis idarəsindən mühafizə üçün adam tələb edirdi. Hamı çəkilib getmişdi. Küçələrdə ələ düşən fəhlələr polis tərəfindən tutulub, polis idarəsinə göndərilmişdi. On iki nəfər fəhlə, iki nəfər realnı məktəb tələbəsi, bir nəfər gimnaziya tələbəsi tutulmuşdu. Küçələrdə gözə görünən ancaq qorodovoy, jandarm və kazaklar idilər. Onlar bütün dalanları, tinləri, qapı dallarını gəzir, nümayişçi axtarırdılar. Yalnız Qubernator bağında bir ev qulluqçusu qucağındakı körpə uşağa layla çala-çala gəzişirdi. * * * Nümayiş zamanı bir sırada gedən Pavluşa, Əsgər, Vasya, Ayrapet və sairələri Vasyanın 8-ci Zavağzal küçəsindəki mənzilində toplandılar. Vasya yoldaşlarından soruşdu: – Jenyadan xəbəriniz oldumu? Heç kəsdən səs çıxmadı. Sonra da Əsgər Pavluşanı məzəmmətə başladı: – Bütün təqsirlər səndədir! Sənin səbəbinə Jenya bizə qoşulmaq istəmir. Çünki sən nə onun yaxasını buraxırsan, nə də adam kimi yoldaşlıq edirsən. Səni sevən Jenya kimi bir yoldaşla həftənin bu başında da, o başında da küsülü olursan, buna görə də yazıq qız bu gün bizim cərgəmizə qoşulmadı. Sən olmasaydın o bizimlə gedərdi, indi də bizimlə bərabər qayıdardı. İndi kim bilir qızın başına nə iş gəldi, hansı polisin toruna düşdü? İndi buyurub, Sergey Vasiliçə xəbər apar! Onsuz da yazıq qoca bu gün-sabah öləcəkdir. Pavluşa Əsgərin sözlərindən incidi. – Sən həmişə beləsən! – dedi. – Bildin, bilmədin ağzına nə gəlsə danışarsan; iclaslarda da xasiyyətin budur, hər kəs söz alıb danışmasa da, sən gərək danışasan, necə olsa gərək bir söz tapıb deyəsən. Sən Jenyanı tanıyırsan, onun dinc həyat keçirməyə qabil olmadığını bilirsən, bununla belə yenə məni məzəmmət edirsən. Mən onun küsməsinin səbəbini bilmirəm. O, iki dəfə məndən küsüb, barışmışdır. Amma nə qədər soruşmuşamsa, səbəbini söyləməmişdir. Mən onun nədən incidiyini bilsəydim, iki şeydən birisini edərdim: ya gedib ondan üzr istəyərdim, ya da birkərəlik onu danışdırmazdım, əlaqəmi kəsərdim; bu da mümkün olmasaydı, birdəfəlik Bakıdan çıxıb gedərdim. Nə edim ki, sirrini tapa bilmirəm. Onun məcaz və marağını bilmək üçün qadın olmaq lazımdır. İndi elə bir vəziyyətdə qalmışam ki, onun yanında adi bir sözü belə danışmağa cəsarət etmirəm. Jenya ilə tanış olduğum gündən bu vaxta qədər ona dediyim sözlərin hamısı yadımdadır. O sözlərin içərisində, onu incidəcək bir kəlmə də yoxdur. Onun cini vardır, tutanda daha üzünü görmə! Elə bu gün məni çağırıb Bibiheybət fəhlələri ilə tanış elədi... Əsgər danışmırdı. Məmməd yenə də adəti üzrə əllərini dizləri üstünə qoyub başını Pavluşaya tərəf uzatdı. Kiçik gözlərini onun gözlərinə dikib soruşdu: – Sən vurmadın, mən yıxılmadım, bəs necə oldu? Qadası, de görüm axı bu nə əhvalatdır? Pavluşa: – Sən qısqanmaq nədir bilirsənmi? – Niyə bilmirəm, əlbəttə ki, bilirəm! Əvvəlcə buyur sən özün de, görüm qısqanmaq nədir? – Otaqda olanlar gülüşməyə başladılar. Məmməd sözünə davam etdi. – Niyə gülürsünüz? Qoy Pavluşa özü desin görək qısqanmaq nədir? Pavluşa da acıqlı olduğuna baxmayaraq gülürdü. Axırda Məmmədi sakit etmək üçün dedi: – Məmməd yoldaş, Jenya qadındır. – Xeyr, qadın deyil, qızdır. – Bəli, Jenya qızdır. Özü də qısqanır. – Vot tibə raz! Yenə deyir ki, qısqanır. Biz bilirik ki, qısqanır. Səndən soruşuram, yəni necə qısqanır, nə olsun ki, sən deyəcəksən qısqanır, özün də bilməyəcəksən ki, qısqanmaq nədir. – Mən bir qıza qoşulanda, bir qadın ilə danışanda o deyir ki, guya mən həmin qadınları və qızları sevirəm. Bunun üçün də mənə acıqlanır, bunlar da olmayanda fikirlərdən, düşüncələrdən acıqlanır, tez-tez küsür. Onu öyrənmək çox çətindir. Yaxşı yoldaşdır. Amma bu xasiyyəti bir qəpiyə dəyməz. Ayrapet çox öskürdüyündən danışa bilmirdi. Öskürək bir az ara verdikdə dedi: – Pavluşa, sən həmişə qadın məsələsində çürük fikirli filosofların fikrini aralığa atıb, qadın ruhunun qeyri-adi bir ruh olduğunu deyirsən. Mən sənin üzünə deyirəm: sənin bu fikrin sağlam bir fikir deyildir. Məmməd bu sözlərdən şadlandı: – Bax, mənim də dediyim budur! Əsgər özünü saxlaya bilməyib pıqqıltı ilə güldü. Ayrapet sözünə davam etdi: – Yoldaş Pavluşa, – dedi, – qadınlar nə qədər incə, nə qədər nazik olurlarsa-olsunlar, ağırlığa təhəmmül etməyi, çətinliklər qarşısında soyuqqanlı hərəkət eləməyi və əsəbilik göstərməməyi bacarırlar. Onlar özlərinin tutduqları çəbhədən tez çəkilməzlər. Qadınlarda şərəf və izzəti-nəfs daha yüksəkdir. Bu günkü nümayişdə Jenya və onunla bərabər gedən qadınlar bu dediklərimin hamısını işdə göstərdilər. Bu gün xüsusən Jenya mənim sözlərimin hamısını isbat elədi. Pavluşa təəccüblə Ayrapetdən soruşdu: – Harada? – Səni ölümdən qurtardığı yerdə. – Məni?! – Bəli, səni! Sən qorodovoyla yumruqlaşırdın. Qubernatorun müavini kazaklarla sənin üstünə hücum edirdi. Sən sağ-salamat qurtarmayacaqdın, lakin igid Jenya daş ilə qubernatorun müavininin başını yardı. Bu hadisə baş verməsəydi, səninlə bərabər bir çoxları tutulacaqdı. Pavluşa bir ah çəkərək dedi: – Məni də düşündürən bu məsələdir. Elə bir yoldaşın məndən ayrılmağının səbəbini bilmək istəyirəm. – Mən bu qızların işinə mat qalmışam. Bilmirəm Jenya kimi gözəl bir qız bu qara xortdana oxşayan Pavluşada nə axtarır?! Güldülər. Susdular. Düşünürdülər. Pavluşa başını qaldırıb dedi: – Bəlkə də Balaxanıya getmişdir... Vasya sanki bir düşüncə təsiri ilə ayağa qalxdı, tüklərini barmağı ilə qarışdıraraq: – Yox, – dedi, – o Balaxanı – Sabunçu dairəsinə gedə bilməz, çünki şəhər ilə rayonun arası kazak və jandarm dəstələri ilə doludur. Evlərinə də getməz, çünki evlərini tez-tez axtarırlar. Vasya sözünü bitirməmişdi ki, pəncərəni yavaşcadan döydülər. Hamı susdu. Vasya qorxa-qorxa qapını açdı. Bir saat bundan qabaq Qubernator bağında qucağındakı uşağa layla çalan qız içəri girdi, köhnə paltarlardan düzəldilmiş uşaq qundağını yerə qoydu. Üst paltarını çıxartdı. Hamı donub qaldı. O, Jenya idi. Gülə-gülə əvvəl Məmmədin, sonra da o biri yoldaşların əlini sıxdı. Məmmədin yanında oturdu. Pavluşa ilə görüşmədi. Əsgər bir Jenyaya, bir də Pavluşaya baxdı, boynunu qaşıdı. Pavluşa da ona göz vurdu, «bizi barışdır!» deyə işarə etdi. Əsgər ikinci kərə görüşmək bəhanəsilə Jenyanın əlini əlinə aldı. Pavluşanın əlinə yaxınlaşdırmaq istədi. Jenya istehzalı bir gülüşlə dedi: – Mənim dərdim elə o idi ki, gəlib Pavluşa yoldaşla barışam. – Əlini geri çəkdi, – Mənim əlimi zorla heç bir kəsin əlinə vermək olmaz. Pavluşa mənim yoldaşımdır. Qoy elə də qalsın, daha başqa bir söz ola bilməz! Sonra qollarını çırmayıb çaydanı pilətənin üstünə qoydu. Bağlamanın içindən özü ilə bərabər gətirdiyi qara çörəyi və iki quru balığı çıxardaraq, stolun üstünə qoydu və yoldaşlarına dedi: – Buyurun, nahar eləyin! Yeməyə başlamadan Vasya Jenyaya dedi: – Jenya yoldaş, bu günkü nümayişdən sonra sənin Bakıda qalmağın mümkün deyildir. Bir tərəfə getməlisən. Jenya əlindəki quru balığı doğraya-doğraya Vasyadan soruşdu: – Mənim Bakıdan çıxıb getməyim üçün Bakı Komitəsi qərar çıxarmışdırmı? Vasya: – Xeyr, – dedi. – Bu barədə Bakı komitəsinin qərarını bilmirəm, bu fikir öz fikrimdir. Jenya güldü: – Elə isə o fikir qoy öz cibində qalsın. Mən öz gələcəyim haqqında lazımi tədbirlər görmüşəm. O tədbirlərin içərisində Bakıdan çıxıb getmək məsələsi yoxdur. Jenya çay süzüb stolun üstünə qoydu. İki saat əvvəl burjuaziya süfrələrinin təntənəsini pozan bir qrup qəhrəman fəhlə gülə-gülə süfrə başına oturdu. Nahar yeməyə başladılar. Pavluşanın sağ əli üzündə idi. Jenya bunu görürdü, lakin səbəbini Pavluşadan soruşmaq istəmirdi. Pavluşa əlini yeməyə uzadanda Jenya onun üzündəki qızartını gördü. (Pavluşanı qorodovoylar vurmuşdular). Dərhal dəsmalı isladıb onun üzünə qoydu. Gün batırdı. Jenya ayağa qalxdı: – İndi salamat qalın, – dedi, – mən evə getməliyəm. Ata-anam mənim nümayişdən nə cür qurtardığımı bilmirlər. Yəqin ki, nigarandırlar. Vasya qalxıb dedi: – Yox, Jenya, getmə! Qaranlıq düşəndə Ayrapet yoldaşın evinə gedərsən, orada Varvara bacı ilə gecələyərsən. Jenya: – Yox, gedəcəyəm, – dedi, – atam xəstədir, nigaran qalar. Pavluşa ayağa qalxıb: – Elə isə qoy mən gedim, xəbər aparım, – dedi. Jenya yenə də etiraz etdi: – Onda daha da nigaran qalarlar. Bunu deyib paltarlarını geydi və yoldaşları ilə vidalaşdı. * * * Mart ayının 2-də olan nümayiş fəhlə sinfinin gözünü açdı. Bu nümayişin ən əhəmiyyətli cəhətlərindən biri də Bakı fəhlələrinin həmrəyliyi idi. Nümayişdən sonra tətil komitəsinin işi get-gedə asanlaşırdı, çünki sinfi idrakı inkişaf etməmiş fəhlələr içərisində belə tətil duyğuları canlanmağa başlamışdı. Fəhlələrdə böyük ruh yüksəkliyi vardı, hətta iranlı və azərbaycanlı fəhlələr də tətil komitəsinin tələblərini dinləməyə söz verdilər. Ən geridə qalmış fəhlələr belə tətildən qorxmamağa başladılar. Pasxa bayramı ərəfəsində konduktorlar və konka sürənlər də tətil etdilər. Onlar iş gününün azalmasını tələb edirdilər. Mart nümayişlərindən gözü qorxan sahibkarlar konka sürənlərin tələblərini çox keçmədən qəbul etdilər, iş gününü doqquz saat eləməyə məcbur oldular. Az sonra Mirzəbəyovun tütün fabrikinin fəhlələri də tətilə başladılar. Tətilçilərin sayı səkkiz yüz nəfərdən artıq idi. Sahibkarlar verilən tələbləri bir gün ərzində qəbul etdilər. Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. Verilən tələbləri mümkün qədər tez yerinə yetirirdilər. Aprelin 18-dən indiyə qədər tətilə qoşulmayan qəzet mürəttibləri də tətilə başladılar. Ayın 19-da Bakıda bircə dənə də qəzet tapılmadı. May bayramı ideyası geniş kütlələrə sirayət etməyə və inkişafa başladı ki, bu da aprelin 27-də tətil komitəsinə təntənəli 1 May nümayişini təşkil etmək imkanını verdi. Bir neçə gün əvvəldən bütün böyük zavod və fabriklərdə və başqa-başqa müəssisələrdə iclaslar çağırıldı, may nümayişinin nə cür təşkil ediləcəyi barəsində izahat verildi. Gizli mətbəə verilən sifarişləri vaxtından əvvəl yerinə yetirirdi. May nümayişindən əvvəl tətil komitəsi rusca — 2900, ermənicə — 2100, gürcücə — 1000 nüsxə vərəqə buraxdı. Bundan başqa sosial-demokrat fəhlələr ittifaqı tərəfindən üç dildə, hər dildə 2100 nüsxə olmaq şərtilə intibahnamə buraxıldı. Nümayişə bir gün qalmış, fəhlələri nümayişdə iştirak etməyə çağıran böyük bir müraciətnamə çap olundu. Birinci dəfə Azərbaycan dilində nümayişə dəvətedici vərəqələr görünməyə başladı. Bu nümayişlə keçən nümayişlər arasındakı fərqlərdən birisi də azərbaycanlıların iştirak etməsi idi. Fəhlələr nümayişə hazırlıq gördükləri kimi, Bakı polisi də hazırlıq görmüşdü. Nümayiş ola biləcək yerlərdə və camaat çox gəzən küçələrdə polis dəstələrinin sayı artırılmışdı. Aprelin 27-ci günü küçələrdə gözə görünən polislərin geyimi və silahları bir başqa idi. Küçədə paltarını dəyişmiş casuslar, xəfiyyələr, Runiç və Lavrov gəzir və nümayişə gələnləri nişanlayırdılar. Şəhər camaatının nümayişçilərə qoşulmasına mane olmaq və onları qorxutmaq üçün atlı kazak dəstələri çıxarılmışdı. Bu hazırlığa qarşı tətil komitəsi də hazırlıq görmüş, nümayişin harada olacağı haqqında qərar çıxarmışdı. Nümayişçilər bir neçə yerdə toplanmışdılar. Polis idarəsi mart nümayişinin olduğu yeri yadından çıxarmamışdı. Tətil komitəsinin qərarına görə, nümayiş Parapetin ətrafında başlanacaqdı. Bura on yolun ayrıcı olduğu üçün kütlələr nümayişə çox sürətlə qoşula biləcək idilər. Qızıl bayraq polisin heç gözləmədiyi bir halda «Rədd olsun mütləqiyyət!» səsləri ilə qaldırıldı. Bu səsdən bir neçə saniyə sonra vaxt ikən polisi çaşdırmaq üçün müəyyən yerlərdə duran nümayişçi dəstələri sel kimi axıb Parapet ətrafında qalxan qızıl bayrağın ətrafında toplandılar. Buradakı polis dəstələri təşəbbüsü öz əllərinə almağa çalışarkən, Nikolayevski küçədə hərəkət edən güclü bir dəstə də gəlib nümayişçilərə qoşuldu. Bu vaxt bir nəfər atlı kazak çapa-çapa gəldi və Petrov meydanında güclü bir nümayiş başlandığını, kütlələrin ümumiyyətlə nümayişə qoşulduğunu polis müdirinə xəbər verdi. Polis özünü itirmişdi. Onların bir çoxu dəstələrin içindən çıxıb gizlənməyə məcbur olmuşdu. Qızıl bayrağın sayı get-gedə artırdı. Rütubətli zirzəmilərdə yaşayan Bakı fəhlələrinin «Yaşasın azadlıq?» səsləri, yuxarı mərtəbələrdə yaşayanların varlığını sarsıdırdı. Küçələrdə nümayişçilərdən başqa kimsəni görmək mümkün deyildi. Bakının gələcək sahibləri müvəqqəti, bir neçə saatlıq da olsa, şəhəri tutmuşdular. Nümayişçilərə hüsn-rəğbət bəsləyən bütün xalq — məktəb uşaqları, ali məktəb tələbələri, qızlar, qadınlar belə nümayişçilər sırasında gedirdilər. Nümayiş dəstələri Naberejni küçəyə yönəlincəyə qədər polis tərəfindən heç bir müqavimət görmədilər. Lakin dəstələr Qubernator bağına sarı gedərkən çar nəfərləri öz vəzifəsini ifa etməyə başladılar. Qılınclar qınından çıxarıldı. «Yaşasın azadlıq, rədd olsun mütləqiyyət!» sözlərinə qarşı çar güllələri, kazak qamçıları qalib gəlmək istəsə də bacarmadı. Bakı proletariatı yağış kimi yağan güllələrin qabağında özünü itirmədi, geri dönmədi. Kazak zabitlərinin: «Tutun! Vurun! Qaytarın!» səsləri onun iradəsini sarsıda bilmədi. Bayraq daşıyanların üzərinə şiddətli hücum başlanmışdı. Qılınc, ağac, yumruq vuruşmaları şiddətli bir surətdə davam edirdi. Bayrağdarlar qızıl bayrağı möhkəm tutmuşdular, var qüvvələri ilə onu müdafiə edirdilər. Bayrağdarların birisi ancaq on iki qılınc yarası aldıqdan sonra bayrağı buraxdı. Naberejni küçədə sakitlik olurkən Telefonnı küçədə nümayiş başlandı. Axşam saat beş idi. Telefonnı, Stanislavski, Balaxanski və Kaspi küçələrində inadlı bir nümayiş başlandı. Pavluşa ilə Vasya yan-yana gedirdilər. Məmməd onlara yanaşıb soruşdu: – Səki ilə gedən Jenya deyilmi? Dönüb baxdılar. Səki ilə əlində zənbil bazardan yemək şeyləri alıb qayıdan bir ev qadını gedirdi, o, heç yana baxmır, soyuqqanlı bir surətdə yoluna davam edirdi. Pavluşa: – Oxşayır da, oxşamır da, — dedi. Məmməd: – Bu bığları qəbrə qoymuş ölüm ki, o Jenyadır! — dedi. Vasya Pavluşanın tapşırığına görə səkiyə çıxdı və saymazyana bir surətdə dedi: – Bu gün vəziyyət ciddidir. İşə qarışmasan yaxşıdır. Jenya: – Bu cür tövsiyələri Pavluşaya ver, — dedi. — Tez qayıt! Vasya qayıdıb nümayişə qoşulmaq istərkən Jenya onu səslədi: – Vasya, ayıq olun, gəlir!.. Vasya arxasına baxdıqda, pristav Qoqoberidzenin bir qorodovoyla əllərində tapança gəldiklərini gördü. Vasyanın əlində heç bir şey yox idi. Ölümdən və tutulmaqdan qurtulmaq üçün bir vasitə vardısa, o da dəstələrə qoşulmaq idi, lakin bu da mümkün deyildi, dəstə çox uzaqda idi, pristav isə ona yaxınlaşmışdı. Jenya Vasyanın qorxulu bir vəziyyətdə olduğunu və özünü itirdiyini görüb, dərhal həyət qapılarından birinin dalına keçdi. Zənbildə daşıdığı qara daşların birini çıxardı. Qoqoberidze özünü Vasyaya yetirərkən Jenyanın atdığı daş onun başına dəydi. Pristavın başı yarıldı. Bu halda Məmməd və Əsgər Qoqoberidzenin yanındakı qorodovoyun üstünə atılıb, qılıncını əlindən aldılar, özünü də yaraladılar. Jenya qapının arxasından: – Vurun, yoldaşlar! — deyə qışqırırdı. Nümayişçilər polislərə hücuma başladılar. Polislər bir saat əvvəl Tiflisdən Qafqaz canişini Qalitsindən aldıqları: «Nümayişçilərə rəhm edilməsin!» məzmunlu teleqrama əməl edə bilmədilər. Qılıncı qırılmış, qayışı boynunda qalmış, papağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar. Kazaklar bu hücumun xəbərini alıb gələnə kimi nümayişçilərin hərəsi bir tərəfə getmişdi. Qorodovoylar qayıdıb papaqlarını yerdən götürərkən kazaklar hadisə yerində atlarını o tərəf-bu tərəfə çapırdılar. Nümayiş bitdi. On iki nəfər qılıncla yaralandı. Bir çoxları tutuldu. Axşam saat səkkizin yarısında Bakı general-qubernatoru Balaxanı polis idarəsindən aşağıdakı telefonoqramı aldı: «Axşam saat yeddidə üç min nümayişçi əlində bayraq, inqilabi nəğmələri oxuya-oxuya dəmiryol stansiyasına tərəf irəlilədi. Kazaklar bayraqları almaq üçün ciddi surətdə hücum etdilər. Nümayişçilər onları daş və ağacla qarşıladılar. Vuruşmada polis müdirinin də başı yarıldı. Bu vaxt kazaklar xəbərdarlıq vermədən atəş açdılar. Bir nəfər fəhlə ölmüş, beş nəfər ağır yaralanmışdır. Yüngül yaralananlar 25 nəfərə qədərdir. Onlardan 12 nəfəri xəstəxanaya göndərilmişdir. Bir nəfər kazak, bir nəfər də polis məmuru yaralanmışdır. Fəhlələr çox inadlı və əsəbi bir surətdə rəftar edirdilər. Pristavlardan Şamşiyev çox böyük fəaliyyət göstərdi. Qırx nəfər fəhlə tutdu. Xindadze, Abram Eyrenberq, Drazdovski tutulanlar içərisindədirlər». * * * Nümayişdən sonra 1903-cü il aprelin 27-də keçirilən nümayiş Bakıda ümumi tətillər zəminəsini hazırladı. Bakı komitəsi, müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələri arasında həmrəylik duyğularının əmələ gəldiyini və inkişaf etdiyini gördü. Mayın birində ümumi tətil gözlənilirdi. Özünü itirmiş yerli hökumət işçilərin ortaya atdıqları tələblərə burjuaziyanı razı salmaq əvəzində, Rusiyanın başqa yerlərində olduğu kimi, Bakıda da fəhlələrin həmrəyliyini pozmaq işini əsas götürmüşdü. Çarın nökərləri şəhər camaatı arasına müxtəlif və qorxulu şayiələr yaymağa başladılar. Şəhərdə talanlar başlanacağı haqqında ciddi şayiələr buraxıldı. Şəhərdəki yəhudilər, Kişinyov hadisələrinin Bakıda da olacağı xəbərlərindən, ermənilər və müsəlmanlar isə erməni-müsəlman talanı baş verəcəyi ehtimalından qorxuya düşdülər. Bakı komitəsi müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələrini başa salmaq və bu şayiələrin hökumət və polis tərəfindən meydana atıldığını izah etmək üçün fəhlələr arasında ciddi iş aparırdı. Çar hökuməti inqilab hərəkatını boğmaq üçün talanlar düzəltmək işindən daha yüngül bir üsul tapa bilməmişdi. Bakıda, aprelin 27-də olan nümayiş bütün Rusiyada, eyni zamanda Zaqafqaziyada başlanmış inqilabi hərəkat ilə bir vaxtda olmuşdu. Buna görə də inqilabi hərəkatı boğmaq üçün hökumətin başqa yerlərdə həyata keçirdiyi xəyanətin Bakıda da təkrar olunacağına inananlar var idi. Bakı əhalisi, mayın birində olacaq nümayişin milli qırğınlarla qarşılanacağına inanırdı. Bunu nəzərə alaraq tətil komitələri, Bakı komitəsinin rəhbərliyi ilə may nümayişini şəhər içərisində deyil, şəhərdən kənar bir yerdə etmək üçün hazırlıq aparırdı. Tətil komitəsi mayın biri üçün müxtəlif dillərdə üç min nüsxə vərəqə çap etdirdi, fəhlələri 1 May günündə ümumi tətilə dəvət elədi. Mayın birində o vaxta qədər misli görülməmiş böyük tətil başladı: yalnız şəhərdəki zavodlar deyil, Qaraşəhər, Ağşəhər, Bayıl, Bibiheybət, Balaxanı və sair mədən dairələrində də tətillər bir-birini təqib etdi. Tətilə qoşulmayıb işləyən yalnız buruq fəhlələri idi ki, bunların da çoxunu yerli təşkil edirdi. Sahibkarlar bu tətillərə az da olsa müqavimət göstərmirdi, çünki aprelin 27-də olan nümayişin dəhşətini hələ unutmamışdılar. Bakı şəhəri mayın birinci günü qeyri-adi bir vəziyyət içərisində idi. Polis və qoşun hissələri öz qaydası ilə hazırlanmışdı. Mağazaların, dükanların bir çoxu bağlanmışdı. Küçələrə çıxan fəhlələr bayram münasibətilə təzə paltar geymişdilər. Hərə bir söz danışırdı. Dünənki danışıqlardan bir əsər də yox idi. Banklarda, birjada, neft-mazut və kurs söhbətləri getmirdi. Hər kəsin dilində intibahnamə, nümayiş, talan, qırğın, Kişinyov və başqa sözlər gəzirdi. Varlılar da: «Bu vəziyyət çox uzun davam etməz, biz böyük bir inqilab ərəfəsində durmuşuq», — sözünü təkrar edirdilər. Bu gün məktəb uşaqlarının və tələbələrin bir çoxu bayram etmişdi. Bakı komitəsinin ayıqlığı və tədbiri nəticəsində çar polisi milli talanlar və milli qırğınlar haqqındakı fikrini yerinə yetirə bilmədi. Qafqaz canişini Bakı polisinin yuxarı polis orqanları tərəfindən verilən tapşırıqları yerinə yetirməkdən aciz olduğunu hiss edərək, məşhur milli qırğınlar sənətkarı sayılan general Nakaşidzenin Bakıya təyin edilməsi üçün Peterburq ilə müzakirə aparırdı. Aprelin 27-dəki nümayişlərdən sonra Bakı burjualarından bir çoxu «May nümayişi daha şiddətli və qanlı olacaqdır» deyə şəhərdən çıxmağa, öz ailələri ilə Bakı bağlarına köçməyə başlamışdı. Aprelin iyirmi doqquzunda, axşam saat dörddə fəhlə hərəkatının ən qəddar bir düşməni, eyni zamanda həddindən artıq qorxaq olan Hacı Zeynalabdin Tağıyev də öz xanımı ilə Mərdəkan bağlarına köçməyə hazırlaşmışdı, lakin xanım ən inqilabi işçilərin yaşadığı mədən dairəsindən keçib Mərdəkana getməkdən qorxurdu. Bunun üçün də Hacının xanımı Bakının hərbi qubernatoru general Əlixanov Avarskinin xanımı Zərintac xanıma müraciətlə onları Mərdəkana qədər aparmaq üçün bir neçə kazak istəmişdi ki, bu da Bakı varlılarının həyəcanına səbəb olmuşdu. Hacının ailəsinin Mərdəkana köçməsini və onların kazakların müdafiəsi altında Bakıdan çıxmasını yerli xalq böyük həyəcanla qarşıladı. Avam camaat bunun bir hadisə ilə əlaqədar olduğunu və may günü qırğın və talan başlanacağını yəqin etdi. Hacının Bakıdan Mərdəkan kəndinə qaçması barəsində xalq şairlərindən maştağalı Ağababa aşağıdakı şeri yazdı: Dövlətliyəm, var dövlətim binəsab, Eyləmirəm heç bir şeydən ictinab, Onda ki, bu şəhərə düşər inqilab, Mən qaçaram Mərdəkana, nə vecimə? Aprelin iyirmi doqquzunda başlanan xırda tətillər iyulun ikisindən ümumi tətil şəklini aldı. İyulun 2-də birinci olaraq maşıngayıran zavodlarda tətil başlandı. Bu tətil tez zamanda bütün fabrik-zavod dairəsinə və ümumiyyətlə Bibiheybət mədənlərinə yayıldı. Bütün fəhlələr fabrik-zavod və mədənlərin qabağına toplanıb maaşlarının artırılmasını tələb etdilər. Tətil iyulun beşində dəmir yoluna da keçdi. Stansiyada həyat tamamilə dayandı. Minik qatarı belə yola salınmadı. Bakı qubernatoru məsələni Qafqaz canişininə xəbər verdi, cavabında aşağıdakı teleqramı aldı: «Dəmir yolunu yerli hərbi qüvvələrin müdafiəsi altında işlətməli, işləmək istəməyənləri qoşun vasitəsi ilə məcbur etməli!». Bakının neft həyatı söndü! Burjuaziyanın sandığına qızıl tökmək üçün yerin tərkindən mazut çəkən dolçalar dayanmışdı. Buruqların təpəsində fırlanan kəlləçarxların cırıltısı eşidilmirdi. Çarxların boğazına dolaşan qayışlar dincini alırdı. İnadlı motorlar və elektrik maşınları fəhlə sinfinə təslim olmuşdu. Buruqlar, xaraba məscidlərin minarələri kimi məhzun-məhzun baxır və üzərinə qonan bayquşlarla dərdləşirdi. Ayın altısında Neft Sənayeçiləri Şurasının sədri yerini dolandıran Taqianosov Tiflisdən başlamış Peterburqa qədər fəryad və həyəcanla dolu teleqramlar yağdırmağa başladı. O, yalnız neft məsələsinə deyil, ümumiyyətlə tətil məsələsinə qarışırdı. O, təkcə neft fəhlələrinin tətilini deyil, bütün tətilin boğulması üçün çar hökuməti qarşısında məsələ qoyurdu. O, Tiflisə belə bir teleqram göndərdi: «Bir neçə gündür ki, zavod və mədən dairəsində fəhlə hərəkatı başlanmışdır. Hələlik onlar işləyənləri məcburi surətdə işdən çıxarmaqla, çap olunmuş intibahnamələr vasitəsi ilə bir çox tələblər verirlər. Bu gün axşama yaxın fəhlələrin hərəkatı qorxulu bir rəng almışdı. Böyük izdiham (burada ləzgilər və müsəlmanlar da vardı) dəstə-dəstə Balaxanı meydançasına yığışırdı. Onlar yolda mədən əmlakını talan edir, rezervuarları sındırır, nefti axıdırdılar. Bütün mədənlərdə, zavodlarda işlər məcburi surətdə dayandırılmışdır. Şəhərdə bu gün səhərdən at dəmir yolu (konka) hərəkəti dayanmışdır. Bu saat neft mədənlərində yanğın başlanmış və qarət gedir. Mədənlər, zavodlar və şəhər əhalisi böyük bir iztirab içərisindədir. Məhəlli hökumətin əli altında lazımi qədər hərbi qüvvə olmadığı üçün asayişi saxlaya bilmir. Ona görə də qarət böyük miqyasda genişlənir. Bütün zavod və mədənlərin məhv olması qorxusu və hətta qanlı qırğın qorxusu da yox deyildir. Bakı qubernatorunun hərbi qüvvə tələb etməsi münasibəti ilə, sənaye sahiblərinin təcili iclası vəkaləti ilə neft sənayeçiləri şurası təkidli bir surətdə rica edir: işlərin qorxulu vəziyyətini nəzərə alaraq, istənilən qüvvənin tezliklə göndərilməsinə binaküzarlıq edəsiniz. Əslini imza etmişdir: Neft Sənayeçiləri Şurası sədri yerini dolandıran Taqianosov». Neft sənayeçiləri çar jandarmeriyası və çar polisi ilə əlbir işləyib, tətil hərəkatını qoşun vasitəsilə boğmağa çalışırkən, hərəkat daha da genişlənir, hər tərəfə yayılırdı. Fəhlələr, heç bir qorxu qabağında dayanmayaraq tətil komitəsinin göstərişi ilə hərəkət edirdilər. İdraklı fəhlələr, mədənlərin yandırılmasına və talan edilməsinə mane olmaq istəsə də, bir para başıpozuqlar yenə də yanğın və qarət işlərinə imkan verməyə çalışırdılar. Əsgər ayın altısında axşam saat doqquzda Jenya ilə görüşüb sabah tezdən Volçiye vorotada çağırılan mitinqə gedəcəyini xəbər vermişdi. Jenya tətil komitəsi tərəfindən çağırılan bu mitinqə getmək istəmirdi, çünki ayaqqabıları uzaq yol getmək üçün yaramırdı. Bu mitinqin olduqca izdihamlı keçəcəyi haqqında onun geniş məlumatı var idi. Mitinqin hazırlığı üçün tətil komitəsi on dörd min intibahnamə buraxmışdı. Restoran qulluqçuları çap olunmuş intibahnamələri, matrosların yaşayış yerlərinə qədər aparıb paylamışdılar. Tətil komitəsi, hökumətin fitnəkarlığına imkan verməmək üçün mitinqi şəhərdən kənarda çağırmışdı. Jenya səhər tezdən oturub düşünürdü. Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. Dünən bunu Əsgərə dediyi zaman, Əsgər ona: «Sabah səni Karantinni küçənin tinində gözləyəcəyəm, gələrsən, — demişdi. — Sənə təzə çust da alıb gətirəcəyəm, onu sən mənə dərs verdiyinə görə hədiyyə verəcəyəm». Jenya buna inanmırdı, inanmamağa da haqlı idi, çünki yoldaşlarının heç birisində pul yox idi. Böyük tərəddüdlə ayağa qalxdı, cırıq çustlarını ayağına taxıb, Karantinni küçəyə tərəf yola düşdü. Əsgər onu gözləyirdi. Jenya onunla görüşən kimi Əsgər cibindən bir cüt çust çıxarıb ona verdi. Çust çox zərif, qiymətli və gözəl olduğu üçün Jenyanın xoşuna gəldi. – Buna nə qədər verdin? – Nəyinə gərəkdir? – Bilmək istərdim. Çox yaxşı tikilibdir. – Bir manat 80 qəpik vermişəm. – Ucuzunu ala bilməzdinmi? – Bir halda ki, bunu almağa imkan vardır, daha nə üçün ucuzunu alaq? – Pula bir az qənaət etməli idin, heç birimizdə pul yoxdur. Sabah yenə ac qala bilərik. – Ac qalmarıq. Hələ məndə beş manat da var. – Haradandır? – Ərəbənin atı satılıb borca verildi. İki gün əvvəl atam ərəbəni də satdı. Mən ondan səkkiz manat borc aldım. – Nə üçün aldın? – Maaş alıb verərəm. – Sənin maaşın haradadır? – Bir gün işləyəcəyəm ya yox? Jenya oradaca təzə çustları geyib, köhnələri atdı. Birbaş Ayrapetin evinə getdilər. Onunla bərabər Volçiye vorotaya tərəf yola düşdülər. Volçiye vorotada Pavluşa və Vasya ilə də görüşdülər. Balaca bir təpənin üstündə oturub Məmmədin bağdan gətirdiyi xiyarla çörəyi yeməyə başladılar. İclasa az adam gəlmişdi. İclas yeri Balaxanı — Sabunçu və Suraxanı fəhlələrinə uzaq olduğu üçün iyirmi min əvəzinə ancaq beş-altı min adam toplanmışdı. Yeddi nəfər natiq çıxış etdi. Onlar öz nitqlərində tətilin və siyasi mübarizənin burjuaziya istismarına qarşı ən kəskin bir silah olduğunu qeyd etdilər. Qəza naçalniki, zabitlər, bir neçə yüz də kazak orada durmuşdular. Çıxışlar iki saat davam etdi. Kazaklar tez-tez şeypur çalırdılar. Vasya hər dəfə bu səsləri eşitdikdə yoldaşlarına deyirdi: – Gəliniz çəkilib gedək! Jenya ondan soruşdu: – Nə üçün çəkilib gedək? – Mən soldat olmuşam. Onun üçün də deyirəm ki, gəlin çəkilib gedək, çünki şeypurun səsi çox qorxulu söz oxuyur. Məmməd Pavluşadan soruşdu: – Pavluşa, sənin fikrin nədir? Gedək, ya dayanaq? Pavluşa Məmmədin üzünə tərs-tərs baxaraq dedi: – Sən də Vasya kimi şeypur səsindən qorxursan? Məmməd adəti üzrə gözlərini yumub güldü: – Mənim qorxub-qorxmadığımı soruşmazdan əvvəl bilmirdin? – Bilirdim. Ancaq son günlər Vasya ilə çox oturub-durursan, bəlkə də onun xasiyyətləri sənə keçib. Vasya acıqlandı: – Ay əbləhin birisi, kazakların şeypur səsindən qorxmuram, şeypurun dediklərindən qorxuram. «Hazır olun!» sözlərini eşitdiyim üçün buradan çəkilməyi məsləhət görürəm. Jenya: – Hər kəs bu səsi sənin kimi düşünsə, çəkilib getsə, daha burada kim qalar? – Sənin kimi, Pavluşa kimi həqiqi inqilabçılar! Vasya bu sözləri deyərək güldü, Jenya isə: – Sən mənim həqiqi inqilabçı olub-olmadığımı yaxşı bilirsən, — dedi. — Mən sənin xatirin üçün inqilabçı olmamışam. Buna görə, sözlərinin mənim yanımda heç bir əhəmiyyəti yoxdur. Get sözlərini Pavluşaya söylə, sənin sözün ancaq onun başına girə bilər. Pavluşa heç bir söz demədi, Vasya ilə Jenyanın başladığı yersiz mübahisəni genişləndirmək istəmədi. Jenya onun sükutuna, Vasyanın fikri ilə razılaşmaq kimi məna verdi. Pavluşaya acıqlandı, Əsgərin qolundan tutub: – Gəl gedək, — dedi, — başqa natiqləri də dinləyək! Bunu deyib Əsgəri çəkib apardı. Ayrapet Vasyaya acıqlandı: – Bilmirəm sən bu qızdan nə istəyirsən? Mən neçə dəfədir ki, sənin bu qıza hücum etdiyini görürəm. Sənin buna haqqın vardırmı? Minlərlə xalq bura yığılıb çar hökumətinə və burjuaziyaya hücum hazırladığı bir gündə sən, bütün həyatını mübarizə yolunda qoyan bir qıza hücum edirsən. Sən heç bilirsənmi o necə yaşayır? Sən bilirsənmi o ayaqyalın olduğu üçün iclasa gəlməkdən utanır? Sən bilirsənmi onun özü də ac, evdəki qocaları da acdır? Sən bilirsənmi biz onun özünə bildirməyərək, adam başına otuz qəpik yığıb ona çust aldırmışıq? Yenə sən onu görən kimi sancırsan... Vasya əlindəki papirosu qırıb yerə atdı: – Nahaq yerə ona ayaqqabı almısınız, — dedi. Ayrapet dəlicəsinə acıqlandı: – Niyə nahaq yerə? Onda ki, Sergey Vasiliç naxoş deyildi, onda ki, birinci usta idi, onda ki, hər gün isti xörəyi, qarın dolusu çörəyi var idi, yığılıb onun süfrəsinin başında azmı qarnımızı doyurmuşuq? Sən görürdün ki, Sergey Vasiliçin canı sağlam olduğu zaman, kasıb da olsa, gözünün ağı-qarası olan bir qızını gül kimi saxlayırdı? İndi biz yediyimiz çörəyi və məslək yoldaşlığını unutduqmu? Biz onun qadını Annanın qanadı altında böyüdüyümüzü yadımızdan çıxartdıqmı? Ah, Vasya, Vasya!.. İndi biz onun ayaqyalın qızına bir manat həştad qəpiklik ayaqqabı alanda böyük bir işmi görürük? Vasya: – Böyük bir səhv edirik, — dedi. — Onun ayaqqabısı olsa, yenə də gedib soldat bazarındakı ev qulluqçularına qoşulacaq, onlarla tum çırtlayacaq. Pavluşa bu sözləri diqqətlə dinləyir və papirosunu çəkirdi. Onun nə Jenyaya, nə də Sergey Vasiliçə kömək etməyə imkanı yox idi. İşsiz idi. Ayrapet dedi: – Sən bilirsən ki, Jenya ayaqqabının bu yol ilə alındığını bilsəydi qəbul etməzdi. Əsgər ayaqqabını ona dərs verdiyinə müqabil alıb bağışladığını söyləyib qəbul etdirmişdir. O ki qaldı Vasyanın həmişə ona hücum etməsinə, mən bu barədə Vasya yoldaşa bir neçə dəfə demişəm, yenə də deyirəm. Mənimlə Jenyanın dostluq əlaqəmizə aid məsələlərdə Vasya gərək araya girməsin. Bizim Jenya ilə küsdüyümüzə gəldikdə o da bizim ikimizə aid məsələdir. Vasya gözlərini qıyıb onun üzünə baxdı: – Bu nə deməkdir? Biz sizinlə yoldaş deyilik? – Bəli, yoldaşıq! – İndi ki, yoldaşıq, indi ki xalq bizi bir yerdə görür, indi ki, biz bir cərgədə gedirik, bir yoldaşda olan ləkə o biri yoldaşın da üstünə yapışa bilər. Bir halda ki, bizim yoldaşımız ev qulluqçularına qoşulub gəzir, biz buna soyuqqanlılıqla baxmamalıyıq. Məmməd əllərini belinə qoyub təəccüblə Vasyanı gözdən keçirdi: – Vasya, acığın gəlməsin, — dedi, — doğrusu sən şübhəli adama bənzəyirsən! – Bəli, şübhəli adamlara bənzəyirəm. Niyə də şübhəli adam olmayım? Atam general, anam Rusiya şahzadələrindən, özüm də kadetski korpusu qurtaran bir ofiser... Vasya bunu deyib Məmmədin başına bir qapaz da saldı. Bu sözlər Məmmədi sakit etmədi, Vasyaya çox kəskin cavab verdi: – Vasya, mən savadsız adamam, amma bir çox şeyləri sənin kimilərindən daha yaxşı anlayıram. Biz generalları, Rusiya şahzadə xanımlarını, kadetski korpusda oxuyanları paltarları üçün, adları üçün rədd etmirik, onlarla mübarizəni bunun üçün aparmırıq. Mübarizəmiz əqidə mübarizəsidir. Sən çox da fəxr etmə ki, general oğlu deyilsən, anan rəhmətlik də rus şahzadəsi olmayıb, özün də kadetski korpusu qurtarmamısan. Sənin Jenya haqqındakı fikrin başdan-ayağa ağaların bizim haqqımızda olan fikrinə oxşayır. Səninlə Jenyanın gəzdiyi ev qulluqçuları arasında nə fərq vardır? Sən özün nəsən, nökər deyilsənmi? Sənə deyirəm, Vasya, ayıq ol, bu xasiyyətin üstündə bir gün partiya sənin qulağından tutacaqdır. Məmməd bunu deyərək onlardan ayrıldı, Jenya və Əsgərin dalınca getmək istədi. Vasya: – Dayan! — dedi. — Bütün dediklərinə şərik oluram. Dayan! Buradan birbaş Stepan Razin dağındakı mitinqə gedəcəyik. ...Natiq nitqində davam edirdi. Kazak zabiti bir neçə dəfə natiqlərə yanaşıb, «qurtarın» — dedi. Lakin natiqlər buna əhəmiyyət verməyib mitinqi davam etdirirdilər. Mitinq qurtardı. İştirak edənlərin hamısı sakitcə dağılmağa başladı. Bu vaxt qızıl bayraq açıldı. Hamı qızıl bayraq tərəfə yönəldi. Vasya, Pavluşa, Məmməd və Ayrapet də qızıl bayrağa tərəf yüyürdülər. Vasya qızıl bayrağı Jenyanın əlində gördükdə şadlığından yenə də «Yaşasın Jenya» deyib bağırdı. Məmməd Vasyaya yanaşıb dedi: – İndi Jenyanı yaxşı tanıdın ki?! Aralıq qarışdı. Kazaklar bayrağdan əsla xəbəri olmayan üç nəfəri tutdular. * * * Jenya yenə də gecələmək üçün general Əlixanovun evində xidmət edən Serafimanın yanına gəlmişdi. Gecələmək üçün bundan əlverişli bir yer yox idi. Əlixanovun arvadı Zərrintac xanım da onu sevir və Serafimanın yanında gecələməsinə və orada yeməsinə mane olmurdu, çünki Jenyanın özü də orada lazımi işlər düşdüyü zaman Serafimaya kömək edir, özünü istədirdi. İyul tətilləri münasibətilə, Peterburqdan daxiliyyə nazirinin köməkçisi general-leytenant Fon-Val təcili surətdə Bakıya gəlmişdi. Generalın əmrinə görə, bu gecə Əlixanovun evində mühüm bir iclas çağırılmışdı. İclasda polis və jandarm idarəsi rəhbərləri, fabrik-zavod müfəttişi Kiselyov və başqaları iştirak edəcəkdilər. İclasdan sonra da daxiliyyə naziri köməkçisinin şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Ziyafətdə nazirə təqdim olunmaq üçün yüksək mövqe tutan neft sahibləri və ümumiyyətlə sənaye burjuaziyası nümayəndələri iştirak edəcəkdi. Generalın evindəki bu ziyafətdə, Zərrintac xanımın əmrinə görə, ev qulluqçusu Serafimanın yanında yaşayan Klavdiya da (Jenya) işləyirdi. Qonaqlar, pəncərələri dənizə baxan geniş bir otaqda yerləşmişdilər. Bakının iyul gecəsinə məxsus istilər paytaxtdan gələn qonağın başındakı qarma-qarışıq fikirləri daha da qarışdırırdı. O, üzünün tərini silib Bakı fabrik-zavod müfəttişi Kiselyova tərəf baxdı və soruşdu: – Siz mənə ümumiyyətlə Bakıda 1903-cü ilin tətilləri haqqında ətraflı məlumat verə bilərsinizmi? Kiselyov özünü düzəldərək: – Bəli, möhtərəm cənab, verə bilərəm! — dedi. Portfelini qurdaladı, oradan yazılı bir məruzə çıxartdı və oxumağa başladı: «Mən, 1903-cü ilin tətillərini ətraflı surətdə təsvir etmək üçün Bakı quberniyası jandarm idarəsinə verdiyim 10 nömrəli məxfi məktublarımdan başlayacağam. 1903-cü ilin gözə çarpacaq birinci tətili iyun ayının on səkkizində günortadan sonra Xatisov zavodunda və başqalarında başlanmışdı. O zaman fəhlələrin tələbatı bundan ibarət idi: Podrat (götürə) işlərin qiyməti maşınqayıran zavodun götürə işləri ilə bərabər olmalı; günəmuzd iş maaşı artırılmalı; götürə iş, fəhləyə əl vermədikdə, onu işləməyə məcbur etməməli! Bu tələblər verildikdən iki gün sonra tətilçilər tələblərini dəyişərək, ancaq zavod müdiri Kinzburqun vəzifəsindən kənar edilməsini tələb edirdilər. Nəhayət, bunlar iyunun iyirmi beşində işə başladılarsa da, iyulun ikisində yenə də tətil etdilər. Lakin onların son tələbləri təkbaşına tələb deyildi; o tələblər tətilə qoşulan başqa zavodların tələblərilə müvafiq idi. Həmin gündə Eyzenşmidt zavodunda, gündüz saat üçdə tətil elan olundu. İyulun üçündə günortadan sonra maşınqayıran zavodda, dəmiryol deposunda da işi buraxıb tətilə başladılar. Saat 12-dən sonra, Nobel zavodu fəhlələri tətilə qoşuldular. Həmin bu saatlarda Tağıyev fabrikində də tətilə başlamaq istəmişlərsə də, Hacı özü fabrikə gedib iranlı fəhlələri utandırmış və tətilin qarşısını almışdı. Nəhayət, iyulun yeddisində, Tağıyev fabrikinə girməyə müvəffəq olan təbliğatçılar fabrikdə yeni tətil düzəltmişdilər. Mirzəbəyovun zavodlarında da işlər dayandırılmışdı. İyulun altısında isə bütün zavod dairəsi tətilə başlamışdı. Mən bunu da qeyd etməliyəm ki, tətil edən fəhlələr nə çığır-bağır edir, nə də əsəbiləşirdilər. Onların tələbləri gözdən keçirilirkən, hər kəs öz şikayətini göstərirdi. Verilən tələblər, ümumi iclaslarda müzakirə edilmədiyinə baxmayaraq, bütün zavod dairəsinin verdiyi əsas tələblərdə güzəştə gedilməyəcəyi yazılmışdı. Zavod sahibləri də əsas məsələlərdə güzəştə getməyəcəklərini bir ağızdan söyləyirdilər. Yalnız Xatisov zavodu güzəştə gedərək, birinci tətil günlərinin yarı muzdunu vermişdi. Buna görə də bir çox zavod sahibləri tətilçilərə güzəştə gedərək, günəmuzd işlərdən başqa işlərin muzdunu artırdılar. Mən bu söylənilənləri öz vaxtında Bakı jandarm idarəsinə xəbər vermişəm. Mən burada nazir cənablarına özümün bu tətil zamanı nə qədər əziyyət çəkdiyimi təsvir etmək üçün Xarkov dairəsi fabrik müfəttişi cənablarına göndərdiyim gizli teleqramları da göstərə bilərəm. Budur, sizə teleqram nümunələrini oxuyuram: «Məxfi. Xarkov dairəsi fabrik müfəttişi zati-alilərinə. Bakının bütün zavod və mədən dairələri gözlənilməyən bir tətilin içindədir. Bu səbəbdən də vaxtım olmadığı üçün sənaye şöbəsinə göndərdiyim teleqramların surətini sizə göndərirəm. Səhərdən axşama qədər vaxtımı fəhlələrlə müsahibədə, axşamları isə vali cənablarının yanında iclasda keçirməkdəyəm». Kiselyov sonra nazirə başqa teleqramları da oxudu: «12 iyul. Üç zavodda tətil, işçiləri altı yüz nəfərə qədər. Maaşın artırılması; hələlik asayiş». «4 iyul. Ağşəhər dayanmış. Tətillər artır. Maaşın artırılması tələb edilir. Yarım aylıq maaşın qabaqca verilməsi. Razılaşma baş tutmur. Mədən fəhlələri də dəmiryol deposu fəhlələrinə qoşulurlar. Dəmir yolunda iş dayandırılmış. Qatarlar hərəkət etmir. Qoşun çağırılmışdır. Qoşun azdır. Böyük nizamsızlıq gözlənir». «7 iyul. Mexaniki emalatxanalar, çövhər zavodları, konka parkı, tərsanələr, fabriklər, neft mədənləri dayandırılmış. Su təmizləyən və elektrik stansiyasının dayandırılması gözlənilir. Şəhərdən kənar hər gün yığıncaqlar. Kontorların dayandırılması təşəbbüsü. Qəti təlimat gözləyirəm». – Cənab nazir! Bu cür teleqramlar həddindən artıqdır. Hərgah nazir cənabları bununla maraqlanırsa, bunların hamısını nəzərdən keçirmək və sizə məlumat vermək üçün katibinizə təqdim edə bilərəm. Mən öz vaxtında işə girmək istəyənlərlə tətili davam etdirmək istəyənlər arasında toqquşmalar olduğunu, tətil günlərinin maaşını almaq haqqında fəhlələrin arzularını, dəniz hərəkatının dayanmasını, şəhərdəki ruh düşkünlüyünü və başqalarını tamamilə yazmışam. Mən fəhlələrin başlıca tələbləri haqqında hələ 27 iyun tarixli, 4 nömrəli məktubumda yazıb göstərmişəm. İyul tətilləri o qədər mürəkkəbdir ki, bu tətillərin tələblərini bir-birindən ayırmaq mümkün deyildir. Demək olar ki, tətillər əvvəlcə sakit bir surətdə keçirdi. Bir çox yerlərdə fəhlələr özlərini sakit aparırdılar. Lakin son günlərdə işlərin şəkli tamamilə dəyişdi, tətil etməyən zavodlardan bir çoxunu təhdidlə dayandırdılar. Fəhlələr böyük dəstələrlə zavodlara girib işin dayandırılmasını müdirlərdən tələb edirdilər». Kiselyov sözlərini bitirməmişdi ki, elektrik işıqları söndü. Yarım saatdan sonra jandarm miralayı gəlib elektrik stansiyasının tətil etdiyini, fənər yandıran işçilərin də şəhər fənərlərini keçirib tətilə qoşulduqlarını xəbər verdi və günün hadisələri barəsində aşağıdakıları söylədi: – Şəhər qorxulu bir vəziyyətdədir. Fəhlələr şəhərə hakimdirlər. Tağıyev fabrikinin tətil etmiş fəhlələri Şibayevin zavoduna hücum edib, işi dayandırmağı tələb etmişlər. Bunların arasında şiddətli toqquşmalar olmuşdur. Kazaklar işə mane olanlara iki dəfə atəş açmışlar. Bir neçə nəfər yaralanmışdır. Bütün həyat dayanmışdır. Şəhərdə süpürgəçilər, rənkçəkənlər belə tətil etmişlər. Təəssüf ediləcək hallardan birisi də budur ki, tətilin zəhərli mikrobları Bakı polisi arasında da görünməkdədir. Şəhərin qorodovoylarından bəziləri tətilə hüsn-rəğbət göstərir. Təəssüf ediləcək ikinci bir məsələ də odur ki, Zubatov təşkilatı öz nüfuzunu itirmişdir. Onlar tətili içindən dağıtmaq üçün tətillərdə iştirak etmək istəmişlər, lakin fəhlələr buna razı olmamışlar. Jandarm miralayı hələ çox uzun danışacaqdı. Lakin nazirin uzun danışıqları dinləməyə imkanı yoxdu, çünki həm lampanın, həm də Bakının istisi naziri uzun vaxt oturmaq və rahat olmaq imkanından məhrum etmişdi. O, bir kərə: – Sabah sizi Mərdəkanda, Hacı Zeynalabdin Tağıyevin bağında qəbul edəcəyəm, — dedi və ayağa qalxdı. Nazir köməkçisini, qubernatoru və general Əlixanovu Hacının bağına ötürmək üçün gələn faytonlar, iyirmi nəfər də atlı kazak bir saatdan bəri qapıda durub gözləyirdi. Qonaqlar faytona minib getdilər. General Əlixanovun hazırladığı yemək həm qaranlıq, həm də isti olduğundan yeyilməmiş qaldı. Jenya və Serafima evi təmizləmək üçün içəri girdilər. Stolun üstünə və evin başqa yerlərinə bir çox kağız tökülmüşdü. Jenya kağızları yığarkən general Fon-Valın oturduğu yerdə bir kağız parçası tapdı və diqqətlə oxumağa başladı: «Tətilçilərin tələbləri tamamilə rədd edilməlidir. Sahibkarlar onlara heç vəchlə güzəştə getməməlidirlər. Bakı polisi və qoşun dəstələri işə başlamalıdırlar. Cənab Pleve və Vitte cənablarının da fikri budur!». * * * İyul tətillərinə qarşı Tətillərə qarşı soyuqqanlılıqla hərəkət edən yerli hökumətin siması dəyişdi. Polis və neft sənayeçiləri öz arxasında silahlı çar qoşununu gördülər. Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. Polis yenə də həyasızlığa təkan verdi, küçələrdə ayrı-ayrı və xırda fəhlə dəstələrini döyməyə və qamçı zoruna dağıtmağa üz qoydu. Lakin tətil yenə də ruh yüksəkliyi ilə davam edirdi. Şəhər susuzdu. Su verən maşınlar dayanmışdı. Kazaklar su işçilərini qamçı və qılınc vasitəsilə işlətməyə başladılar. Elektrik stansiyası çoxdan dayanmışdı. Burjuaziyanın böyük salonlarında gözü qamaşdıran işıqlar görünmürdü. Burjuaziyanın toplandığı və kef çəkdiyi klub, Kazino və Metropol otelinin salonları da qaranlıqda qalmışdı. Elektrik stansiyalarını matroslar vasitəsilə işə saldılar. Konkanı işlətmək üçün küçə səfillərini topladılar. Hər konkada iki nəfər tüfəngli soldat oturdu. Dəmiryol ustaları Zakaspidən gətirilmiş bir tabur qoşun vasitəsilə işlədilirdi. Hökumət dəmiryol fəhlələrinin qulluqdan çıxarılmasını elan edirsə də, haqq-hesabını almaq üçün ancaq 18 nəfər yazılır, çalışmaq istəyənləri yoldaşları döyür, jandarmlar isə «Rədd olsun çar jandarmları!» sədaları ilə qarşılanırlar. Dəmiryol müdiri ilə danışmaq üçün üç min nəfərlik bir fəhlə dəstəsi yola düşdü. Onlar depoya çatıncaya qədər dörd-beş min nəfər oldular. Neft sahibkarları ilə də müzakirə başlandı. Balaxanı fəhlələrinin tələbnamələri hazırlanıb sahibkarlar sovetinə verildi. Verilən tələblər qismən bir-birinə oxşayırdı. Neft sahibkarları bu tələbnamələri müzakirə edib dedilər: «Bu tətil deyildir. Bu fəhlələrin bir hissəsinin o biri hissəsinə təzyiq etməsidir». Bununla da fəhlələrin tələblərini əsasən rədd etdilər. Neft sahibkarları və fabrik-zavod sahibləri Plevenin Peterburqdan göndərdiyi əmrə itaət etməkdə idilər: «İşçilərə heç bir güzəştə gedilməsin!» Bu əmr gəldikdən sonra liberal burjua çar polisinin qucağına atıldı. İyulun 13-də hökumət şəhər və mədənlərin divarlarına belə bir elan yapışdırdı: «Hər kəs iyulun 14-də səhər saat 6-da işə gəlməsə, qulluqdan çıxarılmış hesab ediləcəkdir. İşlər başlandıqdan sonra fəhlələrin ehtiyacı nədə olduğuna baxılıb mümkün olan qədər təmin ediləcəkdir». Hökumət, bildirişi ilə fəhlələrə heç bir şey vermədiyinə baxmayaraq, şirkət müdirləri bu elanlarla da razılaşmadılar. Onlar özləri yığışıb başqa bir saziş düzəltmək istəyirdilər; sahibkarlar isə bunu qətiyyən rədd etdilər, bunun qorxulu olduğunu söylədilər. Buna görə də əvvəlcə xırdaca güzəştlərə getmək istəyən şirkətlər belə, «heç bir güzəştə getməməli!» şüarını meydana atdılar. Hökumətin və burjuaziyanın bu hərəkətinə qarşı fəhlələr həyəcana gəldilər, mədənlər yandırıldı. Fəhlələrin verdikləri tələblər o qədər zəruri tələblər idi ki, müəssisə sahibləri gec-tez onları qəbul etməli idilər. Polis və qoşunun təzyiqinə baxmayaraq, qəhrəman və inadkar fəhlələr mədən dairəsindən çıxmadılar. Polis və qoşun mədənləri müdafiə etmək istəsə də, hökumətin əmrindən acığlanan fəhlələrin qarşısını almaq mümkün olmadı. Məsələnin ciddi olduğunu, hökumətin «güzəştə getməmək» barəsindəki əmrinin qorxulu və yanlış olduğunu ən əvvəl Nobel şirkəti anladı və bir təmimnamə buraxdı. «Nobel qardaşları şirkətinin müdiriyyəti tərəfindən: Bütün qulluqçu və fəhlələrin nəzər-diqqətinə! Nobel qardaşları şirkəti, özünün dörd yüz illik mövcudiyyəti ərzində zəhmət şəraiti və işçilərin halını yaxşılaşdırmaq üçün əlindən gələn tədbirləri görmüşdür. Müdiriyyət bunu da qeyd edə bilər ki, maaş təyin etmək və fəhlələrin halını yaxşılaşdırmaq işində Nobel şirkəti bütün neft şirkətlərindən irəlidə gedərək daim fəhlələri təmin etmişdir. Ümumi tədbirlərdən ötrü şirkət ayrı-ayrı fəhlələrin də ricalarını dinləyərək əməl eləmişdir. Hal-hazırda fəhlələr öz ehtiyaclarını bildirmək üçün qanuna və müdiriyyət rəyinə müvafiq olmayan bir yol intixab etmələrinə baxmayaraq, onların tələbnamələrinə baxılmış və baxışın nəticəsi onlara bildirilir: Bayramların sayı hökumət tərəfindən təsdiq edilən normaya qədər azaldılacaq və ya bayram günlərinin siyahısı elan ediləcəkdir. Bayram axşamları iş bir saat tez qurtaracaqdır. Maaşlar iş üstündə veriləcəkdir. Ezamiyyətə göndərilən adamlara maaşa nisbətən gündəlik pulu veriləcəkdir. Zavod və mədən emalatxanalarında bu qış xüsusi yerlər tikiləcəkdir; (burada fəhlələrin paltarları qoyulmaq üçün şkaflar, kub, əluzyuyan, yemək vaxtı emalatxanada qalan fəhlə üçün stol və stul qoyulacaqdır). Bu yerdə işə tez gəlmiş fəhlələrin iş zamanına qədər oturub gözləməsi də mümkün olacaqdır. Fəhlələrdən daimi heyət təyin edilmişdir. Bunlara haqq-hesab dəftərçələri verilmişdir. Zavod və mədən emalatxanalarında çalışan şagirdlər fəhlə dərəcəsinə keçiriləcək, maaşları isə qabiliyyətlərinə görə təyin ediləcəkdir. Fəhlələrin sığorta edilməsi, xəstəlik zamanı və şikəst olduğu vaxt müavinət edilməsi qanunu hökumət tərəfindən təsdiq edilmişdir. Bu qanunu elan etmək üçün Neft Sahibkarları Şurası tərəfindən hazırlanmış kassa nizamnamələrinin təsdiqi gözlənilir. Bu nizamnamələr təsdiq olunduqdan sonra fəhlələrin xəstəxana və sığorta kassaları təxirsiz olaraq işə başlayacaqdır. Səyyar doktorların və mamaların sayını artırmaq, xəstələri rahat faytonlarda aparmaq, kitabxana, qiraətxana, xalq evləri, poçta-teleqraf kontorları açmaq, məktəblərin sayını artırmaq məsələsinə gəlincə, bunlar hər bir neft sahibkarının ümumi işi olduğu üçün tədricən icra ediləcəkdir. Şirkət bu şərtlərin neft sahibkarları şurası tərəfindən təmin edilməsi üçün əlindən gələn tədbirləri görəcəyini vəd edir. Fəhlələrin öz ehtiyaclarını qanuni bir surətdə bildirmələri üçün həmin il iyul ayının 10-da müəssisələrdə fəhlələr şurası təşkil etmək xüsusunda hökumət tərəfindən təsdiq edilmiş nizamnaməni öz zavod və mədənlərində tətbiq etmək üçün şirkət icazə almışdır. Fəhlələr şurası seçmək üçün bütün fəhlələr dərəcələrə bölünəcək və öz aralarından nümayəndə seçəcəklər. Bu nümayəndələr, fəhlələrlə şirkət arasında vasitəçi olaraq fəhlələrin yaşayış vəziyyətinə aid məsələləri aydınlaşdıracaqdır. Şuranın seçilməsi cənab Bakı qubernatoru tərəfindən təsdiq edilmiş qanuna görə avqustun 25-dən sentyabrın 24-nə qədər olacaqdır. Oktyabrın birindən şura işə başlayacaqdır. Şura haqqındakı qanunlar fəhlələrə bildiriləcəkdir». İyul tətilləri bitdi. Hökumət fəhlə sinfinin qazandığı müvəffəqiyyətləri jandarm qamçıları gücü ilə boğmağa müvəffəq olsa da, əsas qələbəni fəhlə sinfinin əlindən ala bilmədi. O qələbə fəhlə sinfinin həmrəylik qələbəsindən ibarət idi. İyul tətilləri zamanı bu həmrəylik nəticəsində tətil hərəkatı o qədər genişləndi ki, tətil komitəsi hərəkatı idarə etməkdən aciz qaldı. Bu tətillərdə bir çox müəssisələrin fəhlələri ancaq başqa müəssisələrdəki yoldaşlarını müdafiə etmək üçün tətilə qoşuldular. Bu tətilin qazandığı qələbələrdən birisi də ən geridə qalmış və təşkil olunmamış minlərlə yoxsul və küçə səfillərinin hərəkata qoşulmasından ibarət idi. Hamballar, küçə süpürənlər belə öz səsini fəhlələrin ümumi səsinə qarışdırdılar. Çar hökuməti ümumi həmrəyliyi pozmaq məqsədilə dustaqxanaların sayını artırmağa, həmrəylik yaratmaq işində çalışan fəhlə rəhbərlərini tutmağa başladı. Bakıda tutulan fəaliyyətli və dəyərli fəhlə rəhbərlərinin içərisində gənc Montin də var idi. Bakı jandarmeriyası Montini avqustun 11-də tutmuşdu. Avqust ayında çar jandarmlarının terroru başlandı. Yalnız Bakıda deyil, bütün Zaqafqaziyada fəhlə rəhbərlərini tutmağa və sürgünə göndərməyə başladılar. Avqust ayının 23-də Jenya şəhərdə idi. O, Tiflisdən gələn yoldaşlarla görüşdü. Oradan gətirilən xəbərlər Jenyanı son dərəcə mütəəssir etdi. Əsgəri, Vasyanı, Ayrapeti və başqalarını tapdı. Pavluşaya xəbər verilməsini də onlara tapşırdı. Balaxanı — Sabunçu dairəsində Sergey Vasiliçin evinə toplanıb, Tiflisdən gətirilən xəbərləri oxumaq üçün sözləşdilər. Jenya da öz evlərinə getməyə məcbur idi. Sergey Vasiliçin xəstəliyi şiddətlənmişdi. Axşama bir neçə saat qalmış hər birisi başqa yolla Sergey Vasiliçin evinə yığıldılar. Məmməd də kənddən gəlmişdi. Sergey Vasiliçkilə üzüm, incir və çörək gətirmişdi. Sergey Vasiliç ancaq bu gün Montinin tutulması xəbərini eşidib, Pavluşadan soruşdu: – Tiflisdən nə xəbər var? – Elə bir xəbər yoxdur. – Ladonu buraxıblarmı? – Xeyr, buraxmayıblar. – Bəs Koba yoldaş haradadır? – Onu da tutublar. Sergey Vasiliç bir ah çəkərək dedi: – Daha kiminiz qaldı ki? Jenya ehtiyatlı bir surətdə dedi: – Onlar dustaqxanada olsalar da, bizə rəhbərlik edəcəklər. Lakin zalım çar jandarmları Lado yoldaşa dustaqxananı da çox gördülər. Jenyanın bu sözü yalnız Sergey Vasiliçi deyil, hamısını heyrətə saldı. Ayrapet soruşdu: – Tiflisdən bir xəbərmi var? Jenya: – Bəli, var... Tiflisdən gələn qəmli bir məktub və onunla bərabər göndərilən oçerki sizə oxuyacağam. Ayağa qalxdı və redikülündən bir kağız çıxarıb oxumağa başladı: «1903-cü il, 17 avqust. Günəş «Müqəddəs Ninanın» üzüm ağacından qayrılmış əsasını müdafiə etməkdə olan Siyon soborunun yüksək gülləsi üzərində durduğu, əski Tiflisin dar və əyri-üyrü küçələrinə baxdığı, yeraltı kanallara bənzəyən örtülü bazarları işıqlandırmaq istədiyi vaxt, onun parlaq və əlvan zərrələri insanın qəlbinə əvvəlki nəşələri verə bilmirdi. Qanlar, qurbanlar verən tarixin bütün façiələrini qucağında kəzdirən, min beş yüz il müddətində bir çox feodalların əlinə keçən, Xəzər atlılarının dırnaq səsini dinləyən, Hunların dəhşətini zehnində yerləşdirən, Bezansın xaçları kölgəsində gələn silahlarına başını verən, İran şahlarının axınları qarşısında milli varlığını məzarlara kömən, monqolların mal quyruğundan qayrılmış qamçılarına qabırğalarını açan, ərəb komandanının 24 saatlıq ultimatumuna təslim olan, səlçuq türklərinin istila günlərini görən əski Tiflis heç bir zaman günəşi bu gün olduğu kimi heyrətli, həyəcanlı görməmişdi. Günəşin bu açıqlı baxışı, xorasanlı Soltan Cəlaləddinin taxt-rəvan içində Tiflisə girdiyi, taxtını Siyon soborunun gülləsi üzərində qurub Tiflis xalqının ümumi qətlində Xorasan qoşununun göstərdiyi dəhşətlərə tamaşa etdiyi gündəki baxışına bənzəyirdi. Günəşin bu baxışı olduqca açıqlı və qəmkin idi. O, Metel kilsəsinin cəvarında riyazət çəkən və əziyyət içərisində özünü torpağa təslim edən «müqəddəs Şuşanikin» məzar daşına işıq saldığı vaxt, sanki həyat altıncı əsrlərə qayıdır və Tiflis şəhəri Şuşanik dövrünün əziyyətli günlərini xatırladırdı. Kilsələrin xırda və böyük zənkləri səslənirdi. Məbədlərin daş pilləkanlarından aşağı düşənlər, sanki İsarrın Bezans məbədindən — Ançaxat kilsəsinə gətirdiyi — ikonanın ziyarətinə tələsirdi. Günəş yüksəlirdi, «müqəddəs Davud» kilsəsində yatan Suriya missionerinin qəbir daşına təzə-təzə işıq salırdı. Knyaz Qalitsinin üsul-idarəsi təzyiqini həzm etməyən Tiflis yenə də əski şəklində yaşayırdı. O, sınıq hasarlar, yüz dəfələrlə əldən-ələ keçən qələlər içərisindəki məscid və kilsələri qucaqlayıb durmuş, günəşin qeyri-adi baxışlarını gözdən keçirirdi. Siyon soborunun dəmir şəbəkəli pəncərələri çar Quriyanın gülləsindəki baçalarla üz-üzə duraraq «Çar Rostam» sarayında inləyən tavat gəlinlərinin kədərli əfsanələrini oxurkən günəş də Vaxtanq şahzadəsinin əski yaylası olan «Botanika» bağının başı üstündə durmuşdu. Hava isti idi. Xalq qırmızı kərpicdən tikilmiş evlərin pəncərəsindən başını çıxarıb təmiz hava alırkən, Metex həbsxanasında çürüyən dustaqlar da dəmir şəbəkəli pəncərələrin açılmasını, rütubətli havanın dəyişilməsini arzu edirdilər. Əski Tiflis çar Nikey dövründən fərqli olmayan Nikolay üsul-idarəsinin ağırlığı altında, isti tərlər tökdüyü vaxt Taboris və Siminda dağlarının odlu qəlbindən çıxan isti sular da çarlar, soltanlar və padşahlar sarayına göndərilən gürcü qızlarının isti göz yaşları kimi coşurdu. Mavi rəngli fəzanın isti çanağı daş tava şəklini alan meydanın üzərində çevrilərək, ətrafı bişirdiyi anlarda, yapınçı, yun çuxa, isti başlıq və qoyun dərisindən tikilən qalın papaqlar geymiş gürcülər, «hey, hey» deyə-deyə kəl və öküz arabalarını sürməkdə idilər. Avlabar qayaları ilə qoç kimi baş-başa döyüşən Kür çayı Metex həbsxanasında çürüyən insan sümüklərinin rahatlığını pozsa da, qaranlıq zirzəmilərdən çar əleyhinə qaldırılan nifrət səslərini örtə bilmirdi. Günəşin üzü, Tiflisin ümum qətlinə əmr verən Teymurlənkin gözləri kimi qızarırdı; Kür çayının bulanıq dalğaları Taboris və Siminda dərəsində tökülən qanları xatırladırdı. Vaxtanq dərəbəyliyindən geri qalmayan çar üsul-idarəsində inləyən əski Tiflis qırx səkkiz kilsənin zəng səslərini örtmək üçün Gürcüstan kəndlilərinin iniltisini irəli sürür və Qarqaslan ruhaniliyinə məxsus dini nəğmələrin simfoniyasını qapamağa çalışırdı. Çar sallaqxanası olan yeni Tiflisin başı üstündən keçərək, əski Tiflisin «sallaqxana» hissəsi üzərində çırpınan günəş, əsrlərdən bəri üzünə sıçramış olan qan ləkələrini yumaq üçün Kür çayına enirkən Metex dustaqxanasında olanlar da soldatların təhdidinə baxmayaraq pəncərələrə qalxırdılar. Günəş, tabut şəklində qayrılan əski Tiflisin içərisi ilə qərbə doğru sürünürkən, qərbdəki qara buludlarla qarşı-qarşıya gələrkən Tiflisə səyahətə gələn böyük Puşkinin, Qriboyedovun qara parçaya bükülmüş tabutu ilə qarşı-qarşıya gəldiyini xatırladırdı. Günəşin zərrələri, rus ədibinin qara mərmər qəbrini qucaqlayan qadın heykəlini oxşadığı və Tiflis dağlarına onun «unudulmaz Ninası!..» kəlmələrini yazdığı vaxt tütün fabrikinin fəhlələri evlərinə buraxılırdı. Metex həbsxanasından baxan dustaqlar da onları salamlayırdılar. Bu hal pəncərə altında gəzən növbətçi soldatı rahatsız etmirdi, çünki o, çar jandarmeriyasından aldığı əmri yerinə yetirmək üçün bir fürsət axtarırdı. Çar jandarmeriyası bu fürsəti 1903-cü il avqustun 17-də əldə edə bildi. Günəş qürub doğru çəkilirkən, Metex həbsxanası pəncərəsindən görünən əllər tütün fabriki fəhlələri ilə danışırkən, çar jandarmının təyin etdiyi güllə açıldı. Bütün həyatını fəhlə sinfinin azadlığı yolunda sərf edən və həbsxanada olduğu vaxt yenə də işindən ayrılmayan dustaq arxası üstə yıxıldı. O, Bakı fəhlələrinin yorulmaz Lado Ketsxovelisi idi! Ladonun gecə-gündüz yuxu bilməyən və çar üsul-idarəsinə nifrətlə baxan gözləri əbədi olaraq qapandı. Lakin onun üzündəki təbəssüm yenə də dururdu və çar hökumətinə istehza ilə: «bu fikirlər güllə ilə ölməz!» deyirdi». Jenya oçerki oxuyub bitirirkən otaqda olanlardan ağlamayan yox idi. Hər kəs öz rəhbərinin façiənə ölümünə heyrət edir, onun yolunu davam etdirəcəyinə and içirdi... Jenya oçerki cibinə qoydu. Tiflisdən, Metex həbsxanasından göndərilən məktubu çıxarıb oxudu: «Bütün dustaqlar, həyətə çıxarıldığı zaman «Yaşasın Lado!» deyərək Lado yaşayan otağın pəncərəsini salamlayırdılar. Həbsxana işçiləri nə qədər səy etdilərsə bunun qabağını ala bilmirdilər. Lado öz pəncərəsində göründüyü zaman bütün dustaqlar köksünü dərir, şəbəkəyə söykənib bayıra baxmağa başlayırdılar. Lado yoldaş öz fikrini barmaq işarəsi ilə bayırdan baxan tütün fabriki fəhlələrinə bildirir və onlara rəhbərlik edirdi. On gün bundan qabaq Tiflisdəki yoldaşlar, jandarm rotmistri Runiçin Tiflis baş jandarm idarəsinə Lado barəsində belə bir məlumat vermiş olduğunu bizə bildirdilər: «Müttəhim Lado (Vladimir) Ketsxoveli... tutulana qədər, yəni 1902-ci ilin sentyabrınadək, müxtəlif zamanlarda Tiflis, Kutaisi və Bakı quberniyalarında yayılmış olan bütün intibahnamələrin və başqa inqilabi ədəbiyyatın, demək olar ki, hamısının çapedicisi və gizli mətbəənin başlıca təşkilatçısı sifətilə ifşa edilmişdir. Ketsxovelinin, qoşunu açıqdan-açığa itaətsizliyə və üsyana çağırmaq məqsədini təqib etdiyi və müəyyən edildiyi üzrə, qoşun arasında geniş surətdə yayılan intibahnamələri, başqa müttəhimlərin bəzilərilə bir yerdə öz gizli mətbəəsində çap etdiyi də yenə həmin sorğuda ifşa edilmişdir. ...Ketsxoveli öz geniş inqilabi fəaliyyəti və tanışlığı sayəsində mətbəə kimi çətin və təhlükəli bir müəssisəni təşkil etməyə müvəffəq olmuşdur. Düzəltdiyi mətbəə təqribən iki ildir işləyir, həm də onun bir hissəsi indiyə qədər aşkara çıxarılmamışdır». Jenya bu məktubu oxuduqdan sonra, jandarm rotmistri Runiçin Lado yoldaş barəsində baş jandarm idarəsinə verdiyi başqa raportu da oxudu: «İnqilab hərəkatı üçün Ketsxovelinin ciddi və əhəmiyyətli olması, birinci sorğuda isbat edildiyinə görə... sürgün zamanı Ketsxoveliyə qarşı xüsusi tədbirlərin görülməsi faydalı olardı, çünki Ketsxoveli azadlığa çıxdıqda, fürsət əlinə keçən kimi xarici məmləkətlərə qaçacaq və gələcəkdə öz ifrat etiqadları ilə, yəqin ki, bir çox bəlalar törədəcəkdir». Jenya Ladonun öldürülməsi münasibəti ilə Tiflis komitəsinin nəşr etdiyi intibahnamələri də oxudu. «Yoldaşlar! Azadlıq və sosializm uğrunda yorulmaz mübariz Lado Ketsxoveli bazar günü, səhər saat onun yarısında, Metex həbsxanasında güllə ilə öldürüldü. O, gənc yaşlarından başlamış son nəfəsinə qədər insanın müqəddəs hüququnu yorulmadan müdafiə etmiş, hər cür zülm və özbaşınalığa qarşı protest etmişdir. O, hələ gənc tələbə ikən 1893-cü ildə seminariyadakı iğtişaşlarda qızğın surətdə iştirak etmiş və buna görə də məktəbdən qovulmuşdu. Sonra o, Kiyev seminariyasında oxuyurdu. Lakin onu oradan iki dəfə tutub dustaqxanaya salmışdılar. 1897-ci ildən başlayaraq o, Qafqaz fəhlə hərəkatında ciddi surətdə iştirak etmişdir. Tiflisdə konka qulluqçularının ilk tətilini təşkil etmişdir. «Brdzola» redaksiyasını ilk təşkil edən də odur. Xalq azadlığı uğrunda qorxmaz mübariz, sənin torpağın qarşısında əyilirik! Yoldaşlar, dəhşətli ölümü protestsiz buraxmayaq! Lado kimi qüvvətlə qışqıraq: – Rədd olsun mütləqiyyət! – Yaşasın demokratik respublika! – Rədd olsun kapitalizm! – Yaşasın sosializm! Tiflis komitəsi». * * * Jenya milyonçu evində Jenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi. Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı. Əlixanovun arvadı Zərrintac xanım günlərin birində Jenyanı çağırıb, əlindəki «Kaspi» qəzetini ona göstərərək dedi: – Yaxşı qulluq yeri vardır. Mən sənə məsləhət görürəm ki, bu evdə qulluğa girəsən. Hərgah lazım olarsa, mən də kömək edərəm. Jenya çox sevindi və qəzeti alıb Serafimanın otağına gəldi, qəzetdə yazılan elanı oxumağa başladılar... Elan «Qarderob saxlamaq üçün savadlı bir rus qızı lazımdır. Yaşı iyirmidən yuxarı olmamalıdır. Ailəsinin Bakıda olmaması və özünün təmiz, tərbiyəli olması qulluğa qəbul olunmaq şərtlərinin birincisidir. Qulluğa qəbul olunmaq istəyənlər, səhər saat doqquzdan, gündüz üçə qədər Hacı Zeynalabdın Tağıyevin Gorçakovski küçədəki kontoruna müraciət edə bilərlər». Elan Jenyanı sevindirdi. Hacının evinə qulluğa girəcəyinə böyük ümidlər bağlayırdı; milyonçu evini öyrənəcək, həm də aldığı maaşla ata-anasını dolandıracaqdı. Lakin Jenyanı məyus edən bir məsələ var idi, o da paltar cəhətincə yoxsul olması idi. Köhnə paltarla Hacının kontoruna buraxılmamasından qorxurdu. Oturub düşündü. Serafima onun fikrə getdiyini görüb soruşdu; – Nə üçün durub getmirsən? İndi yaxşı vaxtdır, kontor açılmış olar. – Nə ilə gedim? Sən bilirsən ki, dilənçiləri milyonçu evlərinə buraxmazlar. Serafima bir az düşündü. Jenyanın bu sözündən kədərləndi. Taxta çamadanını açıb Jenyanın qabağına qoydu: – Götür, — dedi, — bu paltarları geyin get. Bu da ayaqqabı. Oturmaq vaxtı deyil. İşə götürsələr sənə paltar da, ayaqqabı da verəcəklər, işə götürməsələr yenə də qayıdıb bura gələrsən, nə qədər ki, mən buradayam, bir təhər dolanarsan. Serafima Jenyaya ürək təskinliyi verdi, onu geyindirdi. Jenya saxta pasportunu, vəsiqələrini götürüb qapıdan çıxdı. Əynindəki paltarı gözdən keçirib öz-özünə dedi: – Ucuz paltar olsa da, təmizdir, səliqəlidir! Jenya nə qədər ki, Hacının kontoruna gəlməmişdi, qulluğa götürüləcəyinə ümidi çox idi; lakin kontorun dəhlizinə girdiyi vaxt ümidsizləşməyə və ruhdan düşməyə başladı, çünki kontorun dəhlizi qulluğa girmək istəyən qızlarla dolu idi. Hamısının əlində «Kaspi» qəzeti vardı; qızlar həyəcanlı surətdə elana baxır və dəhlizdə gəzinirdilər. Jenya bir onlara, bir də özünə baxdı, tər onu basdı. Qulluğa girmək üçün gələnlərin hamısı qiymətli paltar və incə ayaqqabı geymişdi; baş örtüləri də modadan düşmüş örtülərdən deyildi. Onların hamısı qəzetdəki qulluq şərtlərini oxuyur, yavaşca qalxıb böyük güzgünün qabağından keçir, özünün yaraşıqlı olub-olmamasını yoxlayır, qəbul edilib-edilməyəcəyi haqqında düşünürdü. Jenya da bir tərəfdə büzüşüb oturmuş, bir qarın çörək, bir az da maaş üçün yığılan bu bədbəxt qızlara tamaşa edir, onlara yazığı gəlirdi. Dəhlizi ətir, hil, mixək qoxusu bürümüşdü. Qızlardan bir çoxu xanımın qulluğuna çağırıldığı vaxt yaxşı təsir buraxmaq üçün ətirlənmişdi. Bəziləri də xanımla danışarkən ağzından pis iy gəlməmək üçün dişlərinin altına hil və ya mixək parçaları salmışdı. Qızların hamısı özü ilə məşğul idi. Qulluğa qəbul olunmaq üçün gözəllik birinci rol oynayacaq idi. Qızlar bir-birilə danışır və başqalarını göstərib cürbəcür sözlər deyirdilər: – İnanmıram!.. Onu qəbul etməzlər. – Nə üçün? – Hacının xanımı çox zərifdir. Onun pişiyi də, qapısındakı köpəyi də gözəl olmalıdır. İnanmıram ki, o kürsünün üstündə oturan qızı yaxına qoysun. – O qız gözəl, təmiz qız deyilmi? – Boynu qısadır. Ayaqları kobuddur. Boy-buxunu yaxşı deyil, qaşları da seyrəkdir. – Gözləri çox gözəldir. Bir ona bax, necə yalvarıcı gözləri var! – Bir tək gözdən nə çıxar? Alnı da qısadır. Beli yoxdur. – Deyəsən bəzək də vurmuşdur. – Hansı? – Odur, qapının sol tərəfində duran! – Yaşı iyirmidən çoxdur. Gözlərinin altı da tuluqlanmışdır. – Orada büzüşüb oturan gözəldir. Amma əyin-başı yoxdur. Kəndli qızına oxşayır. Gözəlliyi üçün də özünü belə tox tutub. – Heç inanmıram ki, onu xanımın yanına buraxsınlar. Son sözlər Jenyaya aid idi. O, iki dəfə ayağa qalxıb getmək istədi, lakin ürəyindəki dərdlər onu yenə geri qaytardı. Hara gedəcəkdi? Nicatını qulluğa girməkdə görmürdümü? Kontorun qapısı açıldı. Qulluğa girmək üçün gələnlərin ərizələrini yığdılar və: – Burada oturunuz, bir-bir çağıracağıq, — dedilər. Dəhlizdə misli görülməmiş bir həyəcan başladı. Hər kəs nə vaxt çağırılacağı haqqında düşünür, cürbəcür xəyallara dalırdı; kah da qulluğa qəbul ediləcəyini milyonçu evində aldığı maaşı ac qalmış ailəsinə göndərəcəyini düşünürdü. Kontorun qapısı açıldı, ərizə sahiblərini bir-bir çağırmağa başladılar. Hər kəs içəridən çıxır, yenə də dəhlizdə durub həyəcanlı dəqiqələr keçirirdi. Saat üçün yarısında Jenyanı səslədilər. Bir nəfər kontorda oturub qabağına anket vərəqəsi qoymuşdu. Anketi doldurmağa başladı: – Adın nədir? — Klavdiya. – Atanın adı nədir? — Dmitri. – Familiyan nədir? — Belousova. – Haradansan? — Aşağı Volqadan. – Hansı şəhərdən? — Krasnoyardan. – Təhsilin nədir? — Dördüncü sinfi qurtarmışam. – Burada kimin var? — Heç kəsim yoxdur. – Ərə getmisənmi? — Yox. – Neçə yaşın vardır? — İyirmi. – Mənzilin haradadır? – Mənzilim yoxdur. – Axırıncı günlər harada yaşayırdın? – General Əlixanovun evində. Kontor xidmətçisi telefonu götürüb Hacının xanımını səslədi. – Sona xanım, — dedi, — verdiyimiz elan nəticəsində iyirmi bir nəfər rus qızı qulluğa girmək üçün gəlmişdir... Bəli, hamısı üçün düzəltmişəm. Yuxarı? Çox gözəl!.. Anketlərdəmi?.. Baş üstə! Kontor işçisi anketləri götürüb Jenyaya dedi: – Gəliniz, Xanımın yanına getmək lazımdır. Kontor xidmətçisi Jenya ilə bayıra çıxanda dəhlizdə gözləyənlər arasında dərin bir həyəcan başladı. Onların zehninə görə Jenyanı işə qəbul etdikləri üçün yuxarı mərtəbəyə aparırdılar. Lakin kontor xidmətçisi: – Hamınız dalımca gəlin! — dedikdə, bu həyəcan qismən sakitləşdi. Mərmər pilləkanlara salınmış qiymətli xalçaların üstü ilə yuxarı çıxan qızlar özlərini böyük güzgülərdə görürkən, işıqlı həyata getdiklərini düşünür, pilləkanlardan necə qalxdıqlarını hiss etmirdilər. Qızları Hacının böyük salonunun dalındakı kiçik dar balkonda saxladılar. Onları xanımın nəzərindən keçirmək üçün bir-bir çağırıb içəri aparırdılar. Gedənlərdən heç birisi qayıdıb qızlar olduğu balkona gəlmirdi. İçəri girənlərin taleyindən heç kəs xəbərdar deyildi; onlar qəbul edildimi, edilmədimi, bunu bilən yox idi. İçəridən qızları çağırmaq üçün səs çıxanda balkonda duranların ürəyi bərk döyünürdü. Qızlardan hansı biri içəri çağırılanda balkonda olanlar bir-birinə: – Yəqin ki, bunu qəbul edəcəklər, — deyib həsrətlə ah çəkirdilər. Jenya doqquzuncu çağırışda içəri girdi. Hacının xanımı məxmər divan üstündə oturub kitab oxuyur və papiros çəkirdi. Jenyanı görən kimi yanında oturan Hənifə xanıma dedi: – Görünüşü çox gözəldir, görüm batini necə olacaqdır. Hənifə xanım da Jenyaya diqqətlə baxaraq: – Gözəldir, — dedi. — Göründüyünə görə əl dəyməmiş qızdır. Jenya milyonçu evini böyük bir diqqətlə gözdən keçirirdi. Qəbul olunacağına ümid etmədiyindən müvəqqəti olaraq beş-on dəqiqədən istifadə edir, oradakı zənkinliyə tamaşa etməyi bir qənimət hesab edirdi. Jenya özünün qulluğa qəbul olunması üçün xanımın bircə kərə baxması və icazə verməsinin lazım gəldiyini düşünürdü, lakin o, burada qulluğa götürülmək üçün bir çox mərhələlərdən sonra icazə veriləcəyini bilmirdi. Xanım, Jenyaya indiyə qədər o eşitmədiyi bir çox suallar verməyə başladı. Bu suallar kontorda verilən suallara heç də bənzəmirdi. – Yazmaq bacarırsanmı? – Bəli, bacarıram. – Anlaşılacaq bir surətdə yaza bilirsənmi? – Bəli, yazım aydındır. Xəttim çox gözəldir. – Get otur, yaz görüm. Xanım bu sözü dedikdən sonra Jenyanın yanında oturan yaşlı bir rus qadını Jenyanın qolundan tutub kiçik, girdə bir stolun yanına gətirdi. Orada kağız, qələm və mürəkkəbqabı qoyulmuşdu. Jenya qələmi götürdü, xanımın nə kimi sözlər diktə edəcəyini gözlədi, bu vaxt gözü stolun üstündəki cürbəcür yazılara rast gəldi. Bu yazılar, xanımın yanına gələn və qəbul olunmayıb qayıdan qızların yazıları idi. Xanım diktə etməyə başladı: – Dördüncü, beşinci və altıncı qarderobda asılan paltarlar silinmiş və ütülənmiş paltarlardır. Yeddinci, səkkizinci, doqquzuncu və onuncu qarderobda olanların silinməsi və ütülənməsi lazımdır. On birinci, on ikinci və on üçüncü qarderoblarda modadan düşmüş paltarlardır. Jenya xanımın dediklərini lazımınca yazdı, ayağa qalxıb stolun yanında durdu. Qulluqçu rus qadını Jenyanın yazdığı kağızı aparıb xanıma verdi. Xanım Jenyanın yazısını oxudu və onu ayağından başına qədər gözdən keçirdi. Hənifə xanıma dedi: – Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. Hər işi yazısı kimi olsaydı, bunu qulluğa götürərdim. Xanım papirosundan bir nəfəs çəkib Jenyaya sual verməyə başladı: – Ev işlərində necəsən? Bir şey bacarırsanmı? – Bacarıram. – Kimdən öyrənmisən? – Anamdan öyrənmişəm. – Anan sağdırmı? – Yox, sağ deyildir. – Bakıda qohumlarınız, tanışlarınız vardırmı? – Heç kəsim yoxdur. – Bəs sənin doğru qulluq edəcəyinə kim zamin olacaqdır? – Mən general Əlixanovun evində oluram. Krasnoyardan gələn gündən onun qulluqçusunun yanında qalıram. Xüsusən, cənab generalın xanımı Zərrintac xanım mənim təmiz qız olduğumu bilir. Hənifə xanım bu sözə: – Daha nə istəyirsiniz? — dedi. — Zərrintac xanımla da danışmaq lazımdır. Xanım suallarını kəsmədi: – Bədənində yaran-zadın yoxdur ki? – Yoxdur! – Xəstə olmusanmı? – Yox, olmamışam. – Dişlərinin hamısı yerindədirmi? – Bəli, yerindədir. – Ərə gedib boşanmısan ki? – Yox, ərə getməmişəm. Suallar bitdi, bundan da Jenya, bütün mərhələlərdən keçdiyini zənn etdi. Onun fikrinə görə ikicə söz qalmışdı ki, o da «hə» və ya «yox» sözündən ibarət idi. Lakin Jenya yanılırdı. Hacının kaprizli xanımının qulluqçusu olmaq üçün hələ çox mərhələ qalmışdı. Xanım orta yaşlı rus qadınına dedi: – İndi apar görüm nə çıxacaqdır. Rus qadını Jenyanı götürüb başqa bir otağa apardı. Jenya gedirkən xanım ona daldan baxıb Hənifə xanıma dedi: – Bu rus qızının yerişi də xoşa gələn yerişdir. Heç ev qulluqçusu yerişinə oxşamır. Qonaq yanına çıxarmalı qızdır. Rus qadını Jenyanı bir otağa salıb dedi: – Paltarını çıxar. Xanıma qulluqçu olmaq istəyən hər kəs yoxlanılmalıdır. Rus qadını Jenyanın sağlamlığını yoxlayırkən Jenya sanki dörd il bundan əvvəl oxuduğu «Qızlar və oğlanlar dünyası» sərlövhəli romanın birinci fəslini yenidən oxuyurdu. Jenya bütün bu tabloları xəyalından keçirdiyi zaman rus qadını da onun bədəninin sağlamlığını yoxlayıb qurtardı. – İndi paltarını geyə bilərsən! — dedi və bayıra çıxdı. Jenya alnının tərini sildi, paltarını geyinə-geyinə özözünə dedi: «Oxuduqlarım fantaziya deyilmiş. Şərq dövlətləri yenə də qızlara xəlifə saraylarında baxılan gözlə baxırlar». Jenya otaqdan çıxıb Hacının xanımı əyləşən salona gəldi. Onu müayinə edən rus qadını deyirdi: – O ki lazımdır yoxladım. Bədəni çox sağlamdır, heç bir yarası-filanı yoxdur. Döşlərindən də məlumdur ki, arvad deyildir. Ağzını qoxladım, heç iy gəlmir. Dişləri də təmiz və sağlamdır. Çorablarını çıxarıb ayaqlarını yoxladım, pis iy duymadım. Qoltuqlarından da tər iyi gəlmir. Xanım Jenyanı irəli çağırdı, onun çənəsini sıxaraq: – Səni qəbul edəcəyəm, — dedi, — qəbul şərtləri də budur: birinci, onu bilməlisən ki, burada müəyyən iş saatları yoxdur. Sən gecə-gündüz burada yaşayacaqsan! İkinci, sənə maaş olaraq ayda on manat verəcəyəm. Yeməyin, içməyin, hər bir ehtiyacın da veriləcəkdir. Buna razısanmı? Jenya sevindi, çünki burada olmaqla həm özünü idarə edəcək, həm də aldığı maaşla xəstə atasına kömək edəcəkdi. Bundan başqa milyonçunun həyatı ilə tanış olacaq və bəzi sirləri də öyrənəcəkdi. Buna görə də heç də təxir etmədi: – Bu şərtlərə razıyam, — deyib başını aşağı saldı. * * * Jenya qulluqçu qəbul olunandan üç gün sonra vəzifəsinə başlaya bildi, çünki xanımın modadan düşmüş paltarlarından Jenya üçün tikilən paltar ancaq üç gündən sonra hazır ola bilmişdi. Səhər saat onun yarısında, on səkkiz nəfər gənc qız və qadın qulluqçusu xanımın yataq otağı qapısında durmuşdu. Hamısı, xanımın yuxudan durmasını gözləyirdi. Zəng vuruldu. Nömrə göstərici aparatın altında kiçik bir kağız üstündə «Çayçı qız» yazılmışdı. Çay verici qız tələsik içəri girib yenə də çıxdı və çay otağına getdi. Gümüş padnosda bir stəkan süd, bir neçə şor və yağlı çörək, iki dənə də badamlı çörək gətirib içəri girdi. İkinci zəng vuruldu. Jenya nömrə göstərici aparata baxdı. «Paltarçı qız» sözlərini oxudu, əlində bloknot və qələm içəri girdi. Xanım süd və yağlı çörəkləri yeyə-yeyə tumboçkanın üstündə qoyulmuş paltar cədvəlini Jenyaya göstərərək dedi: – Üçüncü, doqquzuncu, iyirmi birinci, həştad birinci, yüz beşinci nömrəli paltarları gətirərsən. Xanım hələ yerinin içində oturmuşdu. Yağlı və şor çörəkləri yeyir və papiros çəkirdi. Xanım çayını içib qurtarmamışdı ki, Jenya bloknota yazdığı paltarları gətirdi. Xanım əvvəlcə alt paltarlarını tamamilə çıxarıb yenilərini geydi, üstündən qar rəngli əlvan telli bir Şanxay xalatı örtdü. Geyinməkdə xanıma iki nəfər rus qadını kömək edirdi. Üçüncü zəng vuruldu. İki gənc qız içəri girdi: Hacının xanımını çimdirmək üçün vanna otağına apardılar. Xanım vannada çiməndə çıxardığı paltarlar siyahıya alınıb paltar yuyan qadına verilirdi. Siyahının altından da qol qoydurulurdu. Xanımı çimdirən qadınlar vanna otağından çıxdıqdan sonra massaj edən qadın içəri girdi. Massaj qurtardı. Xanımı bəzək otağına gətirdilər. Xanım orada da yumşaq bir divan üzərində uzanıb bir papiros çəkdi, on beş dəqiqə istirahət etdikdən sonra, divanın yanındakı zəngi basdı. Bəzəkçi qadınlar içəri gəldilər. Xanım divanın yanındakı cədvəli göstərərək, hansı ətir, hansı pudra, hansı dodaq pomadasını istəyəcəyini bəzəkçi qadınlara göstərdi: – Pudra iyirmi birinci nömrə; odekolon qırx birinci nömrə, ətir otuz ikinci nömrə. Dodaq pomadası doqquzuncu nömrə. Bəzəkçi qadınlar xanımın istədiyi şeyləri şkaflardan götürüb, stolun üstünə düzdülər. Bəzək başlandı, xanım stolun yanındakı zəngi basdı. Jenya içəri girdi, xanım paltar cədvəlinə baxıb dedi: – Dördüncü qarderobdan birinci və ikinci nömrələri, beşinci qarderobdan səkkizinci və on birinci nömrələri, altıncı qarderobdan üçüncü nömrəni, yeddinci qarderobdan beşinci nömrəni, doqquzuncu qarderobdan ikinci nömrəni. Jenya deyilənləri bloknotuna yazdı, hazırlamaq üçün getdi. Bəzək qurtardı. Xanımı geyindirib qurtardılar. Xanım çay stolu başına keçməmişdən əvvəl zəngi basdı. Bufetçi gəldi, səhər çayı üçün lazım olan yeməklərin siyahısını gətirdi. Xanım səhər çayı üçün nə kimi yeməklərin hazır edilməsini əmr etdi. Xanım çay stolu başına keçdi. Paltarçı qız çıxarılan paltarları yuyanlara, təmizləyənlərə və ütüləyənlərə verdi. Bəzəkçilər bəzək otağında, vannaçılar hanna otağında, çay verənlər çay otağında işlərinə məşğul oldular. Samovarın yanında xanım özü oturdu. Hacının öz xanımı ilə çay içməyə gələcəyinə yarım saat qalmış havanı təmizləmək üçün bütün qapılar və böyük şüşəli pəncərələr açıldı. Hacı gəldi, çay stolu başına keçdi. Çay içilib qurtardı, stol yığışdırıldı. Ancaq bundan sonra xanım qulluqçulara çay içməyə icazə verdi. Jenya paltar otağından qayıtmamışdı. O çay otağına girəndə Yevdokiya İvanovnanın ağladığını görüb təəccüb elədi. Səbəbini soruşa bilmədi, çünki ev qulluqçularının heç birisilə tanış deyildi. Heç bir söz demədən gəlib çay stolunun bir tərəfində oturdu. Çay verən qadın onun da qabağına iki parça şəkər, üstündə pendir olan iki parça çörək qoydu. Stol başında oturanların hamısı qəmkin idi, Yevdokiya İvanovna isə ayaq üstündə durub içini çəkirdi. Xanım dişində papiros içəri girdi və Yevdokiya İvanovanın üstünə qışqırdı: – Əli uzun pişik, get kontora hesabını al! Tərbiyəsizin biri, sizdən adam olmaz! Mən sizə yüz dəfə demişəm ki, mənim stolumdan qayıdan yeməklərə heç kəs əl vurmasın. Xanım yeyən xörəkdən qaravaş yesə — qudurar; hər kəsin özünə görə xörəyi vardır. Sizin taylarınız quru çörəyi də tapa bilmirlər. Get! İtil gözümdən! Get kontora hesabını al! Xanım getdi. Yevdokiya İvanovna isə dəsmalını çıxarıb gözlərinə basdı, ağlaya-ağlaya bayıra çıxdı. Çay stolu başında oturan qız və qadınlar onun halına ağlayırdılar. Jenyanı dörd gün bundan qabaq soyundurub yoxlayan rus qadını da burada oturmuşdu. O, Jenyanın bu vəziyyətdən heyrətləndiyini görüb dedi: – Bu, sənin üçün də bir dərs olmalıdır. Xanımın süfrəsindən qayıdan yeməklərdən yediyi üçün bir tək Yevdokiya İvanovna deyil, bir çoxları işdən qovulmuşdur. Jenya soruşdu: – Bəs xanımın süfrəsindən qayıdan artıq yeməklər hara gedir? – Sən buranın işini nə bilirsən?! Burada cürbəcür qonaqlar vardır. Xanımın və ağanın süfrəsindən qalan şeylər bufet müdirinin ixtiyarına keçir. Müdir əl dəyməyən şeyləri bufetə qoyur, əl dəyilmiş artıq qalan yeməkləri isə Hacının qonaqlarına verir. Onun dostları var, qoçuları var, müəllimlər, ziyalılar gəlir. Onlar bütün artıq qalan şeyləri yeyirlər; onlardan artıq qalanlar isə zibil yeşiyinə tökülür. Bəzən nimçə dolusu plov və sair yeməklər heç kəsə verilməyərək, eşiyə atılır. Bizim xanım belədir. O, öz samovarından qaynar su açıb içən bir qulluqçunu işdən çıxarıb qovdu. * * * Hacının evində ziyafət 1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı. Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi. Lakin o, xanımın tapşırığına görə axşam saat beşdə evdə olmalı idi. Çünki Hacının evinə möhtərəm bir qonaq gələcəyi söhbəti hələ bir neçə gün bundan qabaq başlanmışdı. Buna görə də Jenya konfransın qərarları haqqında məlumatı axıra qədər dinləyə bilməyəcəyinə təəssüf edirdi. Tiflisdən gəlmiş nümayəndə konfransın qərarlarına keçərək dedi: – «Azlıq» adlananların partiya intizamına tabe olmaq istəmədiklərinə görə, II qurultaydan sonra, dərhal baş vermiş partiya böhranı, bütün qurultaydan sonrakı dövr ərzində Rusiya proletariatının mənafeyinə az-çox qənaətbəxş surətdə xidmət etmək imkanını partiyaya vermirdi. Mərkəzi idarələrimizin, partiyanı bu qədər çətin vəziyyətdən ancaq öz qüvvələri ilə çıxara biləcəklərinə ümid bağlamalarının yuxarıda qeyd edilmiş səbəblərə görə heç bir əsası yoxdur... Bunu edə biləcək bir vasitə varsa, o da, qurultay yolu ilə, partiyanın ancaq özüdür. Mərkəzlərin işi bacara bilməsi üçün lazım olan itirilmiş etimadı onlara ancaq partiya qurultayı qanunu yolu ilə qaytarmaq olar... Saat beşin yarısı idi. Əsgər Jenyanın yanında oturmuşdu. Jenyanın qulağına pıçıldadı: – Yoldaş Jenya, saat beşə az qalır. Sən dur get işinə. Pavluşanın sözünə baxma; girdiyin qulluqda çalış; bəlkə ora təşkilatımız üçün bir mənfəət də verə bildi. Dur get. Mən burada gedən söhbətlərin hamısı haqqında sənə məlumat verərəm. Jenya qalxıb bayıra çıxanda, Pavluşa da onun dalınca getdi: – Hara gedirsən? Jenya dönüb onun yanına gəldi və yavaşcadan dedi: – Mənim əzizim, gərək saat beşdə evdə olam, Hacının xanımı belə əmr etmişdir. Pavluşa səsini qaldırdı: – Yetər tənbəllik! Sən orada işə girəndən bəri partiya işindən tamamilə uzaqlaşmışsan. – Mən heç vaxt partiya işindən uzaqlaşmamışam. Hərgah mənim milyonçu evində işə girməyimə görə bunu deyirsənsə, bu tamamilə yersizdir, çünki proletariatın hamısı kapitalistlərin, milyonçuların müəssisələrində çalışır. Proletariatın hələ öz müəssisəsi yoxdur. Bu sözlər Pavluşanı qane etmədi. O, Jenyanın paltarını, ayaqqabısını və baş örtüyünü gözdən keçirib dedi: – Sən gərək özünü bu şəkildən çıxarasan. İnqilabçı heç vaxt ipək paltar geyə bilməz! Qiymətli paltar səni proletar şəklindən çıxarıbdır. Pavluşanın yersiz mühakimələri Jenyanı gülməyə məcbur etdi. – Pavluşa! — dedi. — Gəl bu cür mənasız mühakimələrindən əl çək. Mən səni əmin edirəm ki, bu cür sözlər üçün sənə gülərlər. Proletar olmaq paltara, baş örtüyünə baxmır. Proletar sinfi duyğusu və sinfi iradəsi ilə ölçülür. Sən, Pavluşa, çılpaq olsan da, qiymətli paltar geysən də, proletarsan. Sən öz sinfinin içərisində böyümüsən, sən bu məktəbi uşaqlıqdan başlayaraq keçmisən. Səni öz sinfindən heç bir qüvvə ayıra bilməz. Sənin fəlsəfələrin çox yersizdir. Hətta həqiqi proletarların mühakiməsinə heç oxşamır. Sən aylardan bəri ac və xəstə yatan atamın da halını nəzərə almırsan. Ona heç olmazsa, gündə bir parça quru çörək pulu vermək lazım deyilmi? Kimdən kömək alaq? Üç aydır sənin özünə də iş vermirlər. Sən də atama kömək edə bilmirsən. Mənim öz vəziyyətimi də nəzərə almırsan. Mən hara gedərəm? Əlixanovun süfrəsinin artığını yemək üçün mətbəx pişiklərinə, həyət köpəklərinə qoşulub yaşamağamı? Halbuki, bu da mümkün olmadı, məni orada himayə edən qulluqçu qız da öz məmləkətlərinə köçdü. Pavluşa, mənə qulaq as, əsəbiləşmə! Söylə, mən bu paltarı çıxarıb hansı paltarı geyməliyəm? Tutaq ki, mən özümə layiq paltar tapdım. O paltarla məni milyonçu evinə buraxarlarmı? Pavluşa acıqlı dedi: – Qoy buraxmasınlar! Mən işə girərəm, hamballıq edib Sergey Vasiliçi saxlaram. Jenya: – Mən onu istəmirəm, — dedi. — Mən özüm işləməliyəm. İndi işim də pis iş deyil, buradan təşkilata da böyük mənfəət vermək olar. İşlədiyim yer inqilabi təşkilatla əlaqədar olan bir yerdir. Əsgər Jenyanın getdiyini, Pavluşanın da onun dalınca çıxdığını görən kimi bir ixtilaf çıxacağını zənn etdi, qalxıb bayıra çıxdı, onlara yanaşdı. Bu anda Pavluşa əlini Jenyanın əlindən çəkib dedi: – Elə isə biz bir daha görüşməyəcəyik. Mən əqidəmi sevgiyə sata bilmərəm. Jenya ağladı. Bu hal Əsgərə çox təsir etdi, Pavluşaya dedi: – Axır günlər sən tamamilə dəyişmişsən. Sən vəziyyətlə əsla hesablaşmırsan. Səndə bir qəpik yox, məndə yox. Vasya isə, bizdən beşbetər. Məmməd də savadsız və ixtisassız bir adamdır. Ayrapetin özünə də kömək lazımdır, vərəm xəstəliyi var, çox da ki, öz qarnından və balalarının boğazından kəsib Sergey Vasiliçə az-çox kömək edir. Bu köməyi davam etdirməyə onun gücü çatacaqmı? Sonra Jenyaya tərəf döndü: – Get, bacım, get! Bunun sözünə baxma. Orada işlə və gözü açıq ol! Jenya getdi. Əsgər Pavluşanı danlaya-danlaya iclasa qaytardı. * * * Jenya iclasdan qayıdıb evə gəldiyi vaxt xanım hələ yuxudan durmamışdı. Bu gecə Hacının evində düzələcək ziyafət Qafqaz xalqlarının həyatında qanlı rol oynamaq üçün hazırlanmış sui-qəsdin əsasını qoyacaq idi. Bu gecə birinci dəfə olaraq Bakı general-qubernatoru Nakaşidze Hacının evini ziyarət edəcək və daxiliyyə nazirinin göstərişlərini həyata keçirəcəkdi. Ziyafətə çağırılan qonaqlar bir-bir, iki-iki gəlirdilər. Gələnlər — Bakı milyonçuları, Bakı neft sahibkarları, kiçik və böyük sənaye müəssisələri sahibləri, əcnəbi neft sahiblərinin nümayəndələri, Hacının arxası və dayağı olan Bakı qoluzorbaları və ziyalıları idilər. Qonaqlar ziyafət salonunda yox, əlvan şərablar və cürbəcür məzə düzülmüş bufetin qabağında gəzişir, Rim, Yunanıstan və Bordo konyakları içir, əllərindəki gümüş çənkəllərlə məzə qoyulan nimçələri qurdalayırdılar. Hacı qonaqları süni bir sevinclə qarşıladı. Qonaqların hamısı gəlmişdi. Çərkəzi geyimlilər, büzməli çuxalılar, dal ətəkləri yarıq sürtuklular, yaxası ağ düyməli jiletlilər, şlyapalılar, furajkalılar, qara mahud papaqlılar, filanlar, filanlar... bufetin qabağında idi. Gəlməyənlər — Bakı qubernatoru Nakaşidze ilə hərbi qubernator general Əlixanov idi. Bayırda bir gurultu qopdu. Bu, Hacının evinin qabağındakı daş döşəmələrdə səslənən kazak atlarının dırnaqlarının səsi idi. Hər kəs üst-başını düzəltdi. Nakaşidze və general Əlixanov salona girdi. Əvvəlcə Hacı onların əlini sıxdı və sonra möhtərəm qonaqların şərəfinə verilən ziyafətdə iştirak edənləri təqdim etməyə başladı. – Bu zat Ağa Musa Nağıyev cənablarıdır. Bəlkə bu möhtərəm simanı eşitmiş olasınız. Bu, şəhərimizin məşhur milyonçusu və öz ehsanları ilə tanınmış və imperatora olan sədaqəti ilə şöhrət qazanmış bir zatdır. Bu da Şəmsi Əsədullayev cənablarıdır. Şəhərimizin birinci milyonçusudur. Yerlilər əlində olan Bakı neftinin böyük bir hissəsi bu cənaba məxsusdur. Hacının Şəmsi Əsədullayevə birincilik qazandırması Musa Nağıyevin bu ziyafətdən aldığı nəşələri tamamilə dağıtdı. O, boynunun ardına qədər qızardı. Hacıya olan əvvəlki nifrəti bir qat daha artmış oldu. Hacı qonaqları təqdim eləməkdə davam edərək deyirdi: – Bu cənab, Əlimərdan bəy Topçibaşevdir. Şəhərimizin birinci ziyalılarındandır. Özü də iqtidarlı bir dava vəkilidir. Bu cənab da bizim gənc mühəndislərimizdən və rus tərbiyəsi almış cənab Benbudovdur. Bu da texniklər məktəbinin direktoru Mixaylovski cənablarıdır. İmperatorun həqiqi tərəfdarlarındandır. Bu tərəfdə duran simalar da Bakıda olan əcnəbi neft sahiblərinin möhtərəm nümayəndələridir. Qubernatorlara təqdim olunacaq çox qonaq qalmışdı, onları bir-bir təqdim eləmək möhtərəm qonağının vaxtını almaq və onu yormaq demək idi. Hacıda bu cəsarət yoxdu. Ona görə də təqdim olunmaq üçün özünü səhmana salan ağaları göstərərək dedi: – Bu ağalar da, Bakının əyanları və nücəbasıdır; imperatorun həqiqi tərəfdarları, rus tərbiyəsi almış ziyalılardır. Qubernator onların əlini sıxmaq və tanış olmaq əvəzinə bir kərə başı ilə salamladı. Məşhur Bakı qoçusu Hacı Aslan bundan razı qalmadı. Hacının onu qubernatora xüsusi bir şivə ilə təqdim etməməsi onun şərəfinə toxundu. Hacının özü də bunu hiss etdi, lakin Hacı Aslanı ayrıca olaraq təqdim etmək mümkün deyildi, çünki ziyafətdə Hacı Aslandan başqa bir neçə qoçu da var idi. Hacı Aslan ətəklərini yığışdırıb özünü qubernatora təqdim etmək istədikdə, Hacı onu qarşılayıb qubernatora təqdim etdi: – Şəhərimizin nücəbasından, nüfuzlu şəxsiyyətlərindən birisi olan Hacı Aslan cənablarıdır. Hacı bu sözləri dedikdə hələ qubernator əlini uzatmadan Hacı Aslan hənalı əlini qubernatora uzatdı. Qubernator isə onun əllərindəki rəngə təəccüblə baxaraq Hacı Aslanın əlini sıxdı. Qonaqların hamısı öz içərisində dərin bir həyəcan keçirirdi; onlar Hacı Aslanın danışmasından və uyğunsuz bir söz buraxmasından qorxurdular, xüsusən Hacı Zeynalabdın özünü itirmiş və nə edəcəyini bilmirdi. Hacı Aslanın qaşları ilə gözləri birləşib dodaqları titrəşirkən və başını xoruz kimi o tərəf-bu tərəfə çevirirkən, qonaqların qəlbi çırpınmağa başlamışdı. Hacı Aslan danışdı: – Sağlıq olsa, cənab qubernator sonra biləcəkdir ki, bu oğlan necə oğlandır! Mən olmasam buradakıları fəhlələr cücə kimi yeyərlər. Nə qədər ki, mən ölməmişəm, bunların gözünə də püfləyən olmaz! Bu saatda qubernator cənabları kimi, buyurarsa, deyərəm bir gecənin içində motalını dünyadan bayıra atarlar. Hacı Aslan bu sözləri deyəndən sonra üzünü Əlimərdan bəyə tutub dedi: – Niyə gözünü döyürsən? Dediklərimi ağaya tərcümə etsənə!.. Əlimərdan bəy sözə başlamamış general Əlixanov Avarski: – Mən cənabınızı anlayıram! — dedi. — Sözlərinizi cənab qubernatora tərcümə edərəm! Buna razı olursunuzmu? Hacı Aslan Əlixanovdan bu sözü eşitcək Bəşir bəyə: – Ada Bəşir, ağa müsəlman imiş ki, — deyə Əlixanova tərəf irəlilədi və onun da əlini sıxdı. — Hacı Aslan sənin nökərindir! Bu saat buyurun ki, Hacı Aslan, ölməlisən — ölməsəm kişi deyiləm! Əlixanov bütün bu danışıqları qubernator Nakaşidzeyə tərcümə etdi, qubernator isə Hacı Aslanın əlini ikinci kərə sıxaraq: – Ümid edirəm ki, bizim dostluğumuz möhkəm və faydalı bir dostluq olacaqdır, — dedi və Hacı Zeynalabdına tərəf döndü: — Məni Hacı Aslan cənabları ilə tanış etdiyinizə qarşı təşəkkür edirəm. Hacı qabaqda, dalınca qubernator Nakaşidze, Məsud bəy Avarski (Əlixanov) və bunların da dalınca birinci, ikinci və üçüncü dərəcəli qonaqlar Hacının xüsusi salonuna keçdilər. Burada Hacının xanımı ilə tanış olacaqdılar. Xanımı bir necə dəqiqə durub gözləmək məcburiyyətində qaldılar. Xanım gündüz yuxusundan vaxtından əvvəl qalxmadığı və adətini pozmadığı üçün bəzəyini, tualetini hələ qurtarmamışdı. Bir də məclisə tez gəlmək və intizarda duran qonaqlara təqdim olunmaq üçün bəzək otağından vaxtından əvvəl çıxmaq xanımın adəti deyildi. O, həmişə qonaqların intizarda durmasını sevirdi. General-qubernator və Əlixanov xanıma vermək üçün gətirdikləri gül dəstələrini əllərində saxlamaqdan yoruldular, gül dəstələrini kah sağ, kah da sol əllərində tuturdular. Xanımın salona çıxan qapısı açıldı. Xanım, on səkkiz nəfər qadın və qız qulluqçuları arasında salona girdi. Qulluqçuların hamısı bir rəngdə, bir modada və bir qiymətdə paltar geymişdi. Qara ipək donlu qulluqçular içərisində gələn xanım tünd qırmızı ipək üzərində tikilən ulduzlu paltarda parlaya-parlaya generallara yaxınlaşdı. Generallar onun əlini öpüb gül dəstələrini təqdim etdilər. Xanım gülləri yanında duran qulluqçu qıza verdi; qızlar yerindən hərəkət etmədən dəstələri bir-birinə ötürdülər, axırıncısı da onu qapıda duran qulluqçuya verdi. Hamı xanımın əlini öpdü. Növbət Hacı Aslana yetişdi. Hacı Aslan onun əlini sıxmaq istəyəndə: – Hacı Aslan millətimizin anasının qulluğunda hazırdır! Nə qulluğun olsa, nökərinə buyura bilərsən! — dedi. Xanım Hacı Aslanı birinci dəfə deyil, bir neçə dəfə görmüşdü; buna görə də onun «siz» yerinə «sən» deməsindən heç də incimədi. Xanım öz müəllimi Mixaylovskinin əlini sıxdıqda, müəllim də onun saçlarını öpdü. «Əziz» qonaqlar süfrəyə əyləşmək üçün başqa bir salona keçdilər. Hər kəsin oturacağı stolun bir nömrəsi də yemək stolu üzərindəki şərab piyaləsinin içinə qoyulmuş vərəqədə göstərilmişdi. Adları şərab piyaləsindəki vərəqədə yazılmayanlar «əziz» qonaqlarla bir süfrədə oturmaq səadətinə nail olmadılar. Süfrədə ancaq birinci dərəcəli qonaqlar əyləşdi, başqaları üçün ayrı bir otaqda süfrə açılmışdı. Yemək başlanırkən xanım, qızların getməsinə icazə verdi. Bir boyda, bir geyimdə olan ev qulluqçuları başqa qapıdan çıxıb getdilər. * * * Qonaqlar süfrədən qalxdılar. Qubernator, general Əlixanov, Əlimərdan bəy, yerli neft sahibləri və xarici neft kompaniyalarının nümayəndələri başqa bir otağa, qalan qonaqlar isə çay içmək üçün yenə də ayrı bir otağa keçdilər. Likör və qəhvə içilirdi. Generallara və neft ağalarına qəhvə, likör gətirənlər xanımın gənc qulluqçu qızları idilər. Qızların hər birisi bir ağaya qulluq etməyə təyin edilmişdi. Jenya, hamıdan kənarda, kiçik bir stolun yanında oturan Mixaylovskiyə qulluq edirdi. Nədənsə, Mixaylovski general Nakaşidzenin təkrar təklifinə baxmayaraq, yenə də kənarda oturmuşdu. Birinci sözə Hacı başladı. Əlimərdan bəy tərcümə edirdi: – Bu tətil ki var, özü çox böyük bədbəxtlikdir. Bu, biz və başqaları üçün bədbəxtlik olduğu kimi, fəhlələrin özləri üçün də bədbəxtlik gətirir. Mən burada and içib deyirəm ki, fəhlələrin yoxsulluğuna, fəqirliyinə, dilənçiliyinə səbəb — bu vəhrimar olmuş tətildir. Hərgah belə deyildir, qoy burada olan ağalar desinlər ki, belə deyil. Sizə bir misal deyəcəyəm. 1903-cü ildə iyul ayı tətillərində əlli mindən artıq fəhlə tətil etmişdi. Bunlar həftələrlə işsiz qaldılar. Bu gör nə qədər puldur?! Bunların hamısı fəhlələrin cibindən getdi. Mən həmişə çalışırdım ki, mənim fəhlələrim tətilə qoşulmasınlar, başlarını aşağı salıb adam balası kimi işləsinlər. Mən buna müvəffəq olmuşdum. Buna görə mən çalışıb iranlıları işə götürürdüm, çünki bunların başı haramzada işlərdə işləyə bilmirdi; onlar sosialistləri, bolşevikləri tanımırdılar. Tətildə iştirak etmirdilər; hətta bir neçə dəfə tətilçilərlə döyüşdülər də. Ancaq bolşeviklərin sosial-demokratlardan ayrılması və müsəlman fəhlələrinin iradəsinə işləməsi, mənim fabrikimdə işləyənlərin əxlaqını lap pozdu. Bu günkü tətildə mənim həmin anlaqsız fəhlələrim hamıdan qabağa düşdülər, dəzgahları bir saatda dayandırdılar. Bizə verilən tələblərdə heç bir iqtisadi rəng yoxdur, fəhlələrin danışıqları siyasi sözlərdir. Elə sözlərdir ki, mən cənab generalın yanında deməyə cəsarət etmirəm. Buna görə də gərək cənab qubernator və cənab Əlixanov Bakıya ciddi bir surətdə diqqət versinlər. Bakıda hərbi qüvvə azdır. Fəhlələr əldə silah nümayişə çıxırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, fəhlələr hökuməti bir şey saymırlar, imperatorun məmləkətində şuluqluq salmaqdan qorxmurlar. Belə olan surətdə bizim nəinki malımız, hətta canımız da təhlükə altında qalır, adam börkünü başında saxlamağı bacarmır. Siz bir yaxşı düşününüz, cənab qubernator! Nümayişdə qubernator müavininin başını vurub yaranda, mənim başım nədir ki, onu dünəndən vurub yararlar. Hələ atalarına rəhmət olsun ki, bizim canımıza qəsd eləməyiblər. Vurub öldürsələr, kim qabaqlarını alacaqdır? Cənab qubernatora cəsarət edib sual verirəm: o qız ki, qubernator köməkçisinin başını vurub yarmışdı, ona nə cəza verildi və onu niyə tutmadılar? O ki bir bismillah olub göyə çəkilmədi? Hacı bu sözləri deyərkən Jenya Mixaylovskinin qabağındakı boş qəhvə fincanını götürüb gedirdi. Qubernator Hacının sözlərini tamamilə təsdiq etdi, qubernator köməkçisinin başını yaran qızın Bakıdan qaçırıldığını söylədi. General Əlixanov çallaşmış yoğun bığlarını barmaqları ilə səhmana salaraq danışdı: – Diqqətlə eşitdim. Onların hamısı doğrudur. Mən özüm Bakıya təyin olunduğum gündən Hacı buyurduqlarının hamısını təyin etmişəm. Mən öz vaxtında, soldatlar arasına proklamasiya dağıdılması, Bakı qarnizonu arasına inqilab mikroblarının girməsi, kazakların içərisinə zərərli vərəqələr paylanması məsələsini hələ 1903-cü ilin iyun tətilləri zamanı Zaqafqaziya hərbi dairəsinin hərbi qüvvələri komandanı adına göndərdiyim raportumda təfsilən göstərmişəm. Mən yenə də burada təkrar deyirəm: Bakı – bolşevik təşkilatının yuvasıdır. Burada Ladoları tutmaqla, Ladonu güllələməklə məsələ qurtarmadı. Hazırda Leninin və başqa başçıların bütün diqqəti və siyasi hərəkatı Bakıda mərkəzləşmişdir. Gizli mətbəə yenə də proklamasiya və «İskra» qəzetini nəşr eləməkdədir. Bizim bolşevik dediyimiz adamlar, o qədər sadə və avam adamlar deyildir. Hələ üç ildən bəri Bakıda davam edən gizli mətbəəni aşkara çıxaran olmamışdır. Biz bütün sınanmış qüvvələrimizi Bakıya gətirdik. Lavrovları, Rüniçləri ancaq gizli mətbəəni aşkara çıxarmaq işinə təyin etdik, yenə də bir nəticə əldə edilmədi, çünki burada oturan ağalar bolşevik məsələsini yalnız hökumətə aid bir məsələ hesab edirlər, halbuki, bolşevik akitasiyasının məhv edilməsi məsələsi, burada oturan ağaların şəxsi mənfəətinə aid bir məsələdir. Bolşevik mətbəəsini tapmaq, bolşeviklərin gizləndikləri yerləri göstərmək və bu kimi sair işlər tamamilə burada oturan ağaların şəxsi vəzifələridir, İndiyə qədər ağalar bu barədə hökumətə heç bir kömək etməmişlər, hökumətlə əlbir işləməmişlər; bunda biz də təqsirliyik, çünki rəhbərlik etməmişik. Əlixanovun bu sözündə Hacının bütün qonaqları bir ağızdan dedilər: – Biz cənab generalın dediklərinə şərik oluruq. Biz bu barədə işləyəcəyik, hökumətə kömək göstərəcəyik. General Əlixanov sözünə davam etdi: – Hazırda Bakıda mədən və fəhlə dairələri genişlənir. Şəhərdə çox şübhəli yığıncaq yerləri vardır. Burada əlli üç minə qədər müxtəlif yerlərdən gəlmiş fəhlələr, ustalar, sənətkarlar vardır. Bunların arasında müəyyən bir işi olmayan adamlar da çoxdur. Kanikula gəlmiş ali məktəb tələbələri, iki yüz iyirmi nəfərə qədər polis nəzarəti altında olan qırmızılar, bir çox şübhəli almanlar və ziyalı yəhudilər vardır. Mən bunların hamısını Qafqaz hərbi dairəsi komandanına bildirdim və Bakı kimi böyük bir şəhərin az qoşun və az polis qüvvəsi ilə idarə oluna bilməyəcəyini yazdım. Özünüz deyin: burada iki yüz nəfər polis nə iş görə bilərdi? Bakıda yerli hökumət olduqca acizdir. Polisin zəifliyi səbəbinə də qırmızıların təbliğatı genişlənir, avam fəhlələr də hərəkata qoşulur. Mən öz raportumda göstərdiyim kimi, indi də cənab qubernatora cürətlə deyirəm ki, Bakıda iqtişaş başçılarının rəhbərliyi altında güclü və gizli komitə əmələ gəlib, onun bütün tələbləri icra olunur; rəsmi hökumətin əmrinə qulaq asan çox azdır. Gizli komitənin adından iki-üç nəfərin və ya bir dəstə adamın məcburiyyəti nəticəsində qırx minə qədər fəhlə tətil edir. Tətil vaxtları Bakı qəzetlərini gizli komitənin gündəlik vərəqələri əvəz edir; komitənin sözünə qulaq asmayanları ölümlə qorxudurlar. Tabe olanlara gündə altmış qəpik məvacib verilir. Bunun nəticəsində tətillər söz birliyi və həmrəylik cəhətindən möhkəm keçir. Tətil günləri, tətilçilər bütün şəhərin və dairəsinin ağası olur. İşlər tamamilə tətil komitəsinin vasitəsilə yerinə yetirilir. Dairələr çox böyükdür. Keçən tətillərdə az olan qoşun hissələri bütün dairəni gəzib qara məxluğu dağıtmağı və izdiham yaranmasına mane olmağı bacarmadı. Qoşun və polis dəstələri gecə-gündüz gəzib yorulurlar. Buna görə əhalinin o biri hissəsi – fəhlələr sevinir və bayram edir, sənaye sahibləri isə gündə yarım milyon manata qədər zərər çəkir. Ağaları təbrik edə bilərəm: mənim göndərdiyim raport nəticəsiz qalmamışdır. Hökumət Bakıya diqqəti artırmağa başlamışdır. Hökumət Bakıdakı tətillərin yatırılmasına, bolşeviklərin məhv edilməsinə böyük əhəmiyyət verməkdədir. Hazırda altıncı nişançı alayı, on altıncı Minqrel alayının bir rotası və yüz nəfər kazak Bakıya gətirilmişdir. Məncə, bu yenə də azdır. Bakı son vaxtlarda siyasi təbliğat cəhətcə şübhəli bir şəhər olmuşdur. Nakaşidze likördən azca içdi, dodaqlarını şappıldadaraq: – Da, – dedi, – mən cənab generalın buyurduqlarını olduğu kimi daxiliyyə nazirliyinə bildirmişəm. 3-cü ilin iyul tətillərində Bakıda olan və tətil hərəkatı ilə yaxından tanış olan daxiliyyə nazirinin köməkçisi Fon-Val cənabları da mənim yazdıqlarımı və nazirdən olan xahişlərimi təsdiq etmiş və bu barədə xüsusi bir məktub göndərmişdir. Bunu da deməliyəm ki, məktubda Hacı cənablarını da xatırlamış və xüsusi salam göndərmişdir. Bəli, hər halda mən yenə deyirəm ki, bizim asayişimizi bərpa etmək və ağaların mənfəətini müdafiə etmək üçün ağaların özü də bu işdə iştirak etməlidirlər. General-qubernator çox danışdı, sonra sözü Musa Nağıyevə verdilər. O, özünü yoxsul və məzlum bir vəziyyətə salaraq danışdı: – Mən cənab qubernatoru və cənab generalı əmin edirəm ki, bizdə itə atmaq üçün bir daş da qalmamışdır, – dedikdə tərcümə edən Əlimərdan bəy dayanıb bu sözü necə tərcümə edəcəyi barədə düşündü. Əlixanov isə bunu hiss edərək dedi: – Ağanın nə dediyi məlumdur. Bu söz bizim Dağıstanda da vardır. Kəndlilər şikayətə gəldikləri vaxt ağlayıb, uyezd naçalnikinə deyərlər: «Ağa, vallah dağılmışam, itə atmaq üçün bir daşım da qalmamışdır», yəni yoxsul olmuşam. Ağa Musa da yəqin ki, belə demək istəyir. Ağa Musa: – Bəli, – dedi, – belə deməyə xəyalım vardır. Doğrudan da bizim daşımız daş üstündə qalmamışdır. Əvvəldən də mənim bir zadım yox idi. Mən Əli börkünü Vəli başına, Vəli börkünü Əli başına qoya-qoya dolanıram. Cənab qubernator gərək bu işə diqqət versin; yoxsa ki, biz gədə-güdənin istədiyini versək, ayağımızda tumanımız da qalmaz. Cənab qubernator adımızı milyonçu eşidib bəs deyir ki, içimizdə bir şey vardır. Amma bilmir ki, içimiz özümüzü yandırır, bayırımız özgəni; biz şapalaqla üz qızardırıq. Bir qarın ac, bir qarın tox dolanırıq. Ölülər elə bilir ki, dirilər həmişə halva yeyir. Əvvəlcə deyirdik ki, Bakıda qoşun yoxdur. Bolşevikin ağzından vurmaq olmur. Bəs indi nə buyurursunuz? Göydə allahın, yerdə də imperatorun dövlətindən Bakıda qoşun da var, polis də var, allah bərəkət versin, daha artıq eləsin! Lazımınca qorodovoy da vardır! Dalımızda dağ kimi cənab qubernator və cənab general durmuşlar. Bəs nə üçün mənə kömək verməsinlər? Burada oturan ağaların hamısı bilir ki, mənim mədənlərimin hamısı zərərlidir. Mən heç vaxt iş saatlarının azalmasına və maaşların artmasına razı ola bilmərəm. Mən Nobel qardaşlarının nümayəndələrinin gözünün içinə deyirəm: mən onların fəhlələr ilə razılaşmasını özüm üçün qanun bilməyəcəyəm! Heç utanmağa da gəlməz; mən sözü adamın üzünə deyərəm. Nobel qardaşlarının müvəkkilləri fəhlələri bizim üstümüzə qaldırmaq istəyirlər... Buna görə də mən onlara etiraz edirəm. Nobel qardaşlarının nümayəndəsi əlindəki piyaləni içib qurtarmamış yerə qoydu və rəngi qızarmış bir halda: – Ağa Musanın bu etirazı yersizdir, – dedi. – Biz heç vaxt onun göstərdiyi ittihamlarla məşğul olmamışıq. Ağa Musa yarı acıqlı: – Bəli, olmusunuz! – dedi. – Siz bayram günlərinin siyahısını asmağı öhdənizə götürməmişsinizmi? Maaşın iş vaxtında verilməsinə razı olmamısınızmı? Mən bunu boynuma götürə bilmərəm. Bununla mən ayda iki saat iş vaxtı itirməliyəm? Necə yəni maaşı iş vaxtında vermək? Bu hansı qanunda var? Cənab qubernator yaxşı diqqət versin! Yəni necə «ezamiyyə» pulu? Bu nə deməkdir? Bu söz işçini qudurtmaq və iş sahibinin boynuna mindirmək deyildirmi? Cənab qubernator! Mən əcnəbi neft sahiblərinin bu siyasətini çox gözəl bilirəm. Onlar bu cür işlərlə, yerli neft sahiblərini bankrot çıxarıb bütün Bakı neftini öz əllərinə almaq istəyirlər. Şəmsi Əsədullayev Musa Nağıyevin sözünü kəsərək dedi: – Mən Ağa Musanın bütün dediklərinə şərik oluram. Onun əcnəbi neft sahibləri haqqında fikrinə də şərikəm. Təzə binalar tikməyə, paltar şkafları düzəltməyə, mədənlərdə əlüzyuyan qoymağa bir qəpik də pulumuz yoxdur! Belə olsa, biz mədənləri bağlamağa məcbur olacağıq. Onsuz da gəlirimiz çıxarımızı ödəmir. Musa Nağıyev sözünə davam etdi: – Belədir ha! Yəni necə şagirdləri usta yerinə keçirmək? Yəni necə fəhlə şikəst olan zaman ona mükafat vermək? Məgər allah tərəfindən gələn bəlalara və qəza-qədərə də biz cavab verməliyik? – Bu sözə general Əlixanov güldü; Əlimərdan bəy isə bu sözləri qubernatora tərcümə etmədi. Musa Nağıyev buna əhəmiyyət vermədi. – Necə yəni fayton? Məgər fəhlənin dədə-babası naxoş olanda həkimə faytonla getmişdir? Mən özüm bir yerə gedəndə köhnə faytona minirəm ki, iki qəpik manat ucuz olsun; bunlar da başlayıb ki, fəhlə naxoş olanda fayton vermək, özü də yaxşı fayton! Mən dinimi dəyişib, babı oldum ki, lüt müsəlmanlara ehsan verməkdən qurtarım. Yeri gəlmişkən, cənab qubernatordan bircə xahişimiz vardır: hərgah sığorta qanunu çıxarmaq doğru isə hökumət gərək bu qərarı bizim xatirimiz üçün dalı götürsün. Necə yəni səyyar mamalar? Necə yəni doktorlar? Mənim pulumla doktor? Biz fəhlənin arvadına borcluyuq? Qoy arvad doğmasın, cəhənnəmə, doğmasın! Onun özü nədir ki, balası nə olsun?! Biz xahiş edirik ki, hökumət bu bəlanı bizim başımızdan rədd eləsin. Mən öz barəmdə danışmıram, vallah, billah, tallah mən, Şamaxı zəlzələdən batdığı kimi batmışam. Hamı bilir ki, bircə torba salıb dilənməyim qalıb. Var-yoxum bir salavat olub göyə çəkilib. Mən on manat ayırıb başımdakı börkümün yanlarını qayıtdıra bilmirəm. Görün indi Bakı varlısı nə hala düşmüşdür?.. Gərək dünya bizim halımıza ağlasın. Mantaşevin nümayəndəsi söz alıb danışdı: – Musa cənabları bir çox sözləri yerində deyir. Biz müstəqil adamıq. Nobel və Rotşild nümayəndələrinin sözləri bizim üçün qanun deyildir. Hökumətin özü də yerli neft sənayesi ilə xarici şirkətlərin maliyyə vəziyyəti arasındakı fərqləri gözəlcə bilir. Fəhlələrin verdikləri tələbləri həyata keçirmək, məncə, yerli nefti xariciləşdirmək və bizi aralıqdan çıxarmaq deməkdir. Sözün açığını demək lazımdır. Əcnəbi şirkətləri bizim əleyhimizə bununla bir müharibə açmaq istəyirlər. Onların sərmayəsi tükənməz sərmayədir. Bilirlər ki, biz onlarla mübarizə apara bilməyəcəyik. Buna görə də işçiləri bizim üstümüzə qaldırırlar. Sözü Nobel qardaşlarının nümayəndəsi aldı: – Əvvələn, mən öz kollekiyamın tərəfindən Hacı cənablarına izhari-təşəkkür etməliyəm. Cənab Hacı bu ziyafətin vasitəsilə bizim cənab qubernator və cənab general ilə görüşməyimizə səbəb oldu. Hacının ümumi işlərdə səmimi iştirak etməsini və yerli camaatla hökumət arasında möhkəm bir körpü vəziyyətini aldığını qeyd etmək lazımdır. Xüsusilə əcnəbi şirkətlərin yerli şəraitdə təsadüf etdikləri çətinliklərin Hacının vasitəsi ilə təsviyyə edilməsini, onun maliyyə yardımına ehtiyac hiss edildiyi vaxt öz bankını əcnəbi şirkətləri üzünə açmasını qeyd etməliyəm. İndi bir az da cənab Şəmsi və Ağa Musanın buradakı çıxışlarından danışmalıyam. Hərgah Hacı və möhtərəm qubernator və general cənabları icazə versəydilər, mən onların cavablarını qısa olaraq verərdim. İcazə verildi. Nobel qardaşlarının nümayəndəsi sözünə davam etdi: – Əvvələn, mən Ağa Musa və Şəmsinin öz maliyyə vəziyyətləri haqqındakı sözlərinə cavab verməyəcəyəm. Bu bizim vəzifəmiz deyildir. İkincisi, mənim çıxışım yerli neft sənaye sahiblərini tənqid üçün deyildir, çünki onların iş şəraiti başqa, bizim iş şəraitimiz isə başqadır. Nobel şirkəti normal illik gəlirdən üstəlik nə qədər qazanırsa, onun beş faizini fəhlələrin tələbatını ödəmək üçün verə bilər. Biz yerli neft sənaye sahiblərinə deməliyik ki, böyük mənfəət əldə etmək üçün xırda güzəştlərə getmək mümkündür. Biz bunu bacarırıq. Yerli neft sənaye sahibləri bunu etmir. Fəhlələrə böyük tələbatı unutdurmaq üçün xırda güzəştlərə getmək həmişə lazımdır. Cənab Hacı öz çıxışında çox yerli olaraq buyurdu ki: «Bu günkü tətildə mənim həmin anlaqsız fəhlələrim hamıdan qabağa düşdü və dəzgahları bir saat dayandırdı». Buna görə də biz fəhlələrin verdiyi tələbatın zərərsiz hissələrini və maliyyə vəziyyətini hiss ediləcək dərəcədə durğunluq verə bilməyən maddələrini qəbul edirik. Cənab Şəmsinin bir sözünə biz də şərik oluruq: «Əcnəbi şirkətlərinin işləri bizim üçün qanun deyildir». Bu doğrudur. Avropa və Amerika sənaye müəssisələri də belədir. Bir müəssisənin iş planı və zəhmət şəraiti o biri müəssisə üçün qanun deyildir. Cürbəcür müəssisələrdə cürbəcür iş saatları, cürbəcür iş planları və zəhmət şəraiti ola bilər. Biz həmkarlar ittifaqının ümumi zəhmət müqaviləsi qanununa birinci olaraq etiraz edənlərdənik, çünki bir müəssisənin sərmayəsi ilə o biri müəssisənin sərmayəsi arasında da fərq vardır. Müəssisədən yaxşı gəlir almaq işində güclü sərmayə birinci rol oynayır. Yerli neft sənaye sahibləri neft məhsullarının növlərini xarici bazarlara çıxarmaq işində geridədirlər. Onların xarici bazarlarla əlaqələri olmadığından yerli bazarlara arxalanırlar. Bu çox da əlverişli deyildir, çünki yerli neft sənayeçilərinin gəlirinin mühüm bir hissəsini yenə də əcnəbi neft kompaniyaları mənimsəmiş olur. Bütün bu cəhətləri nəzərə alaraq, böyük sərmayəyə malik olan əcnəbi şirkətləri ilə yerli neft sahibləri rəqabət edə bilməzlər. Onlar öz işlərini öz sərmayələrinin verdiyi imkanlar üzərində qurmalı və əcnəbi şirkətlərin təşəbbüslərinə bir rəqabət kimi məna verməməlidirlər. Nobel qardaşları nümayəndəsinin çıxışını Rotşild və başqa şirkətlərin nümayəndələri də təsdiq etdilər. Qubernator çox diqqətlə dinləyirdi. O, likör içdi, qaşqabağını turşutdu və sözünə belə başladı: – Yerli neft sahibləri Nobel və sair əcnəbi şirkətlərin təşəbbüslərindən həyəcana düşməməlidirlər. Biz hər kəsə öz işini öz sərmayəsi və öz iqtisadi şəraiti əsasında qurmağa icazə veririk. Ağalar burasını bilməlidirlər ki, bir məcburiyyət, yaxud bir zərurət nəticəsində kütlələrə verilən hüququ lazım gəldiyi zaman geri də almaq mümkündür. Bu barədə hökumət heç vaxt sizdən öz köməyini əsirgəməz. Ağa Musa hamıdan qabaq dedi: – Sağ olsun bizim hökumətimiz! Allah onun qılıncını kəskin eləsin! Allah onu bizim başımızın üstündən əskik eləməsin! Jenya bu gecəki ziyafətdən hamıdan artıq razı qalmışdı. O, bu ziyafət haqqında lazımi yoldaşlarına xəbər verə biləcəyindən sevinirdi. Mixaylovskinin gözləri isə Jenyanın üzündə idi. Jenyanı yaxından görmək üçün «Likör ver, qəhvə ver!» deyirdi. Neft sənaye sahibləri arasında mübahisə gedirkən Mixaylovski fürsət tapıb Jenyanı danışdırdı: – Siz nə qədər ədəbli bir qızsınız! – dedi. Jenya heç bir söz demədi. Onun piyaləsini likörlə doldurub qayıtdı. Jenya qəhvə fincanını götürürkən Mixaylovski yenə də danışdı: – Əfv edərsiniz! İncə əllərinizi rahatsız etdim... Jenya yenə heç bir söz demədi, ondan uzaqlaşdı. Yenə fürsət düşəndə, Mixaylovski ona dedi: – Ədəbli qız sualları cavabsız qoymaz!.. Lakin yenə cavab almadı. Mixaylovski daha danışmadı. Ziyafətin sonuna qədər oturub likörünü içdi; qabağındakı siqarlardan çəkərək püflədi. * * * Zidd fikirlər məngənəsində 1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu. Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər. Onlar Bakıda olduğu günlər partiyanın III qurultayını çağırmaq kampaniyasını qüvvətləndirməkdən, menşeviklərə qarşı, xüsusilə bu günlər Bakıda olan menşevik komitəsinin nümayəndəsi Qlebova (Noskova) qarşı mübarizəni genişləndirməkdən ötrü ciddi çalışırdılar. Onlar bütün Zaqafqaziyada olduğu kimi, Bakıda da daşnaklar, federalistlər, anarxistlər və başqaları ilə amansız mübarizəyə başlamışdılar. Anarxistlərə, federalistlərə və başqalarına qarşı bir sıra böyük mübahisələr keçirilirdi. Pavluşa, Vasya, Əsgər, Məmməd və Ayrapet də dəmiryol özəyinə getmişdilər. Özəkdə III qurultaya hazırlanmaq, millətçi partiyalarla mübarizə aparmaq, menşevik nüfuzunun təsviyyə edilməsinə çalışmaq məsələsi qoyulmuşdu. İclas qurtardı. Hamı bir yerdə iclasdan çıxdı. Soldat bazarının tinində Ayrapet dörd girvənkə çörək aldı və yoldaşlarına: – Hamınız gedək bizə, – dedi. – Varvara balıq alıbdır, içini soğan və kişmişlə doldurubdur. Özünün də anadan olan günüdür. Sizi qonaq aparmağı mənə dönə-dönə tapşırıbdır. Hamı getməyə razı oldu. Pavluşa getmək istəmədi: – Sizdən çox xahiş edirəm, Varvara bacı məni soruşsa, deyərsiniz ki, mümkün edib gələ bilmədi. Ayrapet soruşdu: – Nə üçün? Pavluşa: – Mənim üçün belə bir gündə Varvara bacının yanına əli boş getmək ölümdən pisdir. Heç olmazsa adam bir dəstə gül almalı idi. Nə qədər dedilərsə, Pavluşa razılıq vermədi, yoldaşlarından ayrıldı. Hara gedəcəyini bilmirdi. Telefonnı küçə ilə düşünə-düşünə gedirdi. Bütün fikirləri Jenya ilə, onunla keçirdiyi günləri xatırlamaqla məşğuldu. Neçə gündən bəri idi ki, Jenyanı görmək istəyirdi. On beş gün idi onunla görüşmürdü. Buna özü səbəb olmuşdu, çünki ona acıqlanıb «Daha görüşməyəcəyik» demişdi. Lakin indi qəlbinin arzusu ilə öz iradəsini qarşı-qarşıya qoyduğu zaman belə düşünürdü: «Dünyada milyon-milyon pavluşalar, jenyalar vardır. Onların içərisində bizim kimi sevişənlər və bir hadisə nəticəsi olaraq ayrılanlar olmamışmı? Mən nə üçün onunla bu qədər maraqlanıram? İndi o mənim üçün yad bir adam deyilmi? O mənim sözümə baxmadı, gedib milyonçu evinə girdi. Daha nə dostluq, nə sevgi?! Mən boş yerə onunla köhnə əlaqəni davam etdirmək istəyirəm. Mən bilirəm ki, o öz inqilabi ruhunu saxlaya bilməyəcəkdir – milyonçu evi onu zəhərləyəcəkdir. Hazırda onun xarici görünüşü dəyişdiyi kimi, tədricən düşüncə və əqidəsi də dəyişəcəkdir. Eybi yoxdur, mən də dəyişilərəm! İnsan nə qədər tez üns tutucu bir məxluq olsa da, o qədər də sürətlə unutmağı bacarandır. Mənim fikrimcə Jenyanın özü də belədir; məni sevirsə, bəs nə üçün həftələrlə məni aramır, öldüyüm və ya diri qaldığımla maraqlanmır? İndi o mənə tamamilə yad bir adamdır». Pavluşa bu sözləri desə də, ürəyi buna razı deyildi. Onun addımları geriyə atılmaq istəsə də, qəlbi irəli atılmağa tələsirdi. Pavluşa bu cür fikirlərin təsiri altında Baryatinski və Qorçakovski küçələrinin tinində divara söykənib durmuşdu. Onun fikri, yuxu ilə ayıqlığın arasında olan bir aləmdə əl-ayaq çalıb üzürdü. Birdən qulağına belə bir səs gəldi: «Qəbul etmədilər!». Pavluşa bu səsi birinci kərə Telefonnı küçədə eşitmişdi. Bu sözləri Jenya gimnaziyaya qəbul edilmədiyi və Pavluşa ilə tanış olduğu gün demişdi. Bu səs Pavluşanı ani bir surətdə keçmişlərə qaytardı. Sergey Vasiliçin evində yaşadığı və Jenya ilə keçirdiyi gözəl günlər yazılı bir kitabda oxuyur kimi xəyalında canlandı. Birinci kərə sevgisini elan etdiyi dəqiqələri, Jenyanın ondan utanıb qaçdığını, saçlarını bir-birinə qarışdırıb qoşa oturduqlarını, kitab oxuyub mübahisə açdıqlarını və başqa momentləri xatırladı. Kah da Jenyanın yalandan küsdüyünü, əllərini üzünə qoyub barmaqları arasından Pavluşaya baxıb güldüyünü, Jenyanın nümayişlərdə onu ölümdən qurtardığını, onun qorxmaz və iradəli bir qız olduğunu gözü önünə gətirir, ondan ayrıldığına təəssüf edirdi. Pavluşanın fikri nazladıçı və nəşəverici bir aləmdə gəzdiyi, sevginin ilk xatirələri ilə qanadlanıb uçmaq istədiyi dəqiqədə bir səs daha eşitdi: «İtil buradan!». Bu səs sanki Pavluşanın girmək istədiyi səadət qapısını birdən-birə qapadı. Onu yenə də əzici ümidsizlik xarabalarına doğru qaytardı. Birdən o, Hacı Zeynalabdın Tağıyevin bankının qarovulunu çəkmək üçün Qorçakovski küçədə gəzişən qorodovoyu qabağında gördü. O, bığlarını bura-bura bir daha: – İtil buradan! – dedi. – Yoxsa!.. Pavluşa heç bir söz söyləmədən getdi. Lakin onun bütün varlığı getməsinə etiraz edirdi. Buna görə də o, qorodovoya görünməmək üçün tində durdu, gözlərini milyonçunun böyük şüşə pəncərələrinə dirədi. Dəmir şəbəkəli və palıd ağacından qayrılmış qapıdan bir qız çıxdı. Bir az əvvəl ona «Rədd ol!» deyən qorodovoy qıza təzim etdi; qız başı ilə onun salamını aldı. Qızın yerişi Jenyanın yerişinə bənzəsə də, paltarı bambaşqa idi. Pavluşanın qəlbi ona uyuşmurdu, onun qarşısına atılmaq istəmirdi. Jenyanı sevdiyi zaman o bu paltarda deyildi. Lakin yenə də onun ardınca getmək qərarına gəldi. Qaranlıqda, gedə-gedə düşünürdü: «O gəncdir. Onun burjuaziya lagerinə düşməsinin əsas səbəblərindən birisi də iqtisadi vəziyyətidir. İqtisadi vəziyyət həyatda həlledici bir rol oynamırmı? İnsanlar ictimai mühitin təsirində deyilmi?» Pavluşa bu fikrin doğru olub-olmaması üzərində az düşünmədi. «Bəlkə də bu fikir doğru deyildir? Bolşevik olan hazırkı mühitdən asılı olmaq istəmir, o hazırkı ictimai mühiti dəyişməyə və burjua iqtisadi şəraitindən azad olmağa çalışır. Jenya iqtisadi vəziyyətin ağırlığı nəticəsində burjuaziya mühitinə tabe olmaq və hazırkı cəmiyyətlə barışmaq istəmişsə, daha mənimlə onun nə kimi əlaqəsi ola bilər? Burjuaziyanın tənbəlcəsinə yaşayışı, Jenyanın iliyinə qədər təsir eləmişdir. O, burjuaziya həyatının iyrənc incəliklərini öyrənmiş, nazik ipəklərə bürünmüş, ətirlər içərisində çimməyi sevmişdir». Pavluşa, xışıltı ilə hərəkət edən, ipək don içərisində süzən qızın yerişinə baxdıqca qəlbi bir daha yaxın keçmişinə qayıtdı: «Vaxtilə bu qız hər gecə öz köynəyini, səhər təmiz geymək üçün axşamdan yuyub qurudurdu və ütüləyirdi; geymək üçün ikinci bir köynəyi də yox idi. Ayaqqabısının dağılmış yerlərini bəzən özü tikirdi. Çoxdan bəri baş örtüsü də yox idi; olanı yırtılmışdı, örtmək mümkün deyildi. Həmişə evdə otururdu, çünki gəzməyə çıxmaq üçün adi bir paltarı da yox idi. Gənc idi, aldatdılar. Burjuaziya çirkabının içinə düşən işçi qızların hamısı paltarın, zinətin və şux yaşamaq düşüncəsinin tələsinə düşür. Burjuaziya fahişəxanalarını dolduran, kapitalist saraylarındakı ziyafətlərin əyləncələri olan, sərxoşların piyalələrinə şərab tökərək bəzən onların şəhvətlərini söndürməyə məcbur edilən fəhlə və kəndli qızlarının hamısı əvvəlcə Jenya gedən yollar ilə getmişdir. Mənim də təqsirim böyükdür. Onu mənim sevgim də pozdu. Bundan sonra mən əqidə yoldaşımı sevməyəcəyəm. Mən onu sevmək və özümü sevdirmək üçün hər cür rolları oynadım; hətta şəhvətpərəst və köhnə adamlar kimi qısqandım da... Böyük təqsir mənimdir. Mən ona bir yoldaşa yanaşan kimi yox, gözəl bir qıza yanaşan kimi yanaşdım. Ona sevmək, qısqanmaq, kişiyə bir qız kimi yanaşmaq və onun ruhunu oxşamaq yollarını öyrətdim. İndi Jenya həmin yolu gedir, «Pavluşa olmasın, başqa bir kişi olsun, fərqi nədir?» deyir. Mən əminəm ki, Jenya polis, jandarm ilə mübarizə edə bilər. Lakin şəhvətpərəst bir kişinin, Bakıda olan zəngin kişilərin yağlı vədləri və dadlı dilləri ilə mübarizə aparmağı bacarmaz, çünki bəzən qızların öz gənclik tələbləri də şəhvətpərəst kişilərin çirkin tələblərinə müsaidə göstərə bilər». Jenya gedirdi. Pavluşa da düşünə-düşünə onun ardınca irəliləyirdi. Jenyanın paltarı yaz küləyilə nazlanan bahar yarpağı kimi xışıldayır, fənər yanından keçəndə qara ipək donu qara göz kimi parlayırdı. Şlyapasının üstündəki daşlar qara bulud içərisində görünən ulduz kimi titrəyirdi. Pavluşa diqqətlə bir ona, bir də özünə baxdı, özünü tənqid etməyə və təhmətləndirməyə başladı: «Yox, yox! Mən ona layiq deyiləm! Əvvəlcə layiq olsaydım da, indi aramızda böyük bir fərq vardır, indi o mənim kimi üstü-başı çirkli bir adama qoşulmaqdan utanmazmı? Mənim ona keçmişdə bir yaxşılıq göstərə bilməməyim də, onun məndən qaçmasına səbəb olacaqdır». Pavluşa bir-birinə zidd fikirlər içərisindən çıxa bilmirdi. O, hələ sevgilisinin paltar və dövlətlə hesablaşmadığını bilmirdi. O, qadın ruhunun nə qədər sadə, nə qədər incə olduğunu təyin etməyi bacarmırdı. O, sevgi həyatında gözəlliklə zənginliyin çox dəyərsiz bir şey olduğunu anlamırdı. O bilmirdi ki, qadın, başqaları tərəfindən hiss edilə bilməyən ən incə, ən kiçik bir xüsusiyyət üçün kişini sevə bilər. Pavluşa bu ağır düşüncələr içərisində əzilərkən Jenya Yujinin mənzilinə girdi. Pavluşa indi başqa cür düşünməyə başladı: «Bunun məsələsini özəkdə qoymaq lazımdır. O bizim sirlərimizi Yujin yoldaşdan alıb milyonçulara da verə bilər. Gərək Yujin yoldaş bunu qəbul etməsin. Yox, yox! İndi onu gözləməyin mənası yoxdur. Qayıtmalı. Bir daha ona qoşulmaq mənim özüm üçün də ləkədir». Pavluşa qayıtdı, lakin onun ürəyi sanki kürəkləri arasından çıxıb geriyə baxır və Jenyanı gözləyirdi. O, Jenyanı izlədiyi yolla geri qayıdırdı. Özünü hiss etmədən və addımlarını hara qoyduğunu bilmədən gedirdi. Birdən sərt bir səs eşitdi: – Rədd ol buradan, heyvan! Yoxsa bu saat sənin qol-qabırğanı sındıraram! Pavluşa düşüncələrindən ayrıldı, dayandı, yenə də özünü Qorçakovski küçədə gəzən qorodovoyun qabağında gördü. Geri qayıtdı. Staro-Poliseyski küçə ilə Parapetə getmək istəyirdi ki, çiyninə bir əl qoyulduğunu hiss etdi. Bütün bədəni titrədi, bu əldən bir istilik duydu. O, istilik illər, aylar, həftələr tarixini bir anda xəyalında canlandırdı. Dönüb geriyə baxdı. Yanında Jenyanı gördü. Jenya: – Gəl, yoldaş, – dedi, – gəl! Hara getsəm dalımca gəl! Pavluşa düşünmədən, kipnoza tutulmuş adamlar kimi bilmədiyi tərəfə gedirdi. İpək donun incə xışıltısını dinləyə-dinləyə irəliləyirdi. Duyduğu ətir iyi damarlarında uyumuş sevgi hisslərini oyandırırdı. Pavluşa öz-özünə dedi: «Mən bu qızla barışa bilsəydim, istədiyim həyatı qurmağı bacarsaydım, onu əvvəlki yolda saxlasaydım, o, əvvəlki kimi bir inqilabçı olsaydı, mən nə qədər xoşbəxt olardım! Onda bütün Bakı mənə həsəd aparardı. Məni barmaqla göstərərdilər. – Dərindən bir ah çəkdi. – Ah, bu qız nə qədər sehirkar bir qız imiş!» Jenya, Bayıl yoxuşu başlanğıcında yolu dəyişdi, dəniz qırağına sarı irəlilədi. Bir az getdikdən sonra kiçik bir təpənin üstündə oturdu və Pavluşaya dedi: – Gəl otur, yoldaş! Pavluşa onun yanında oturdu. Danışmırdılar. Yan-yörələrinə, qabaqlarındakı dənizə baxırdılar. Hər ləpədə bir ulduzun göz bəbəyi parlayırdı; hər dalğanın qəlbində bir şəfəqin məhəbbəti çırpınırdı. Ayın sakit işığı Bayıl təpələrini işıqlandırırdı; Jenya ilə Pavluşanın kölgələri ləpələrlə oynayırdı. Qaraşəhərin bacalarından çıxan tüstülərin dənizə əks edən kölgələri, dəmir şəbəkəli pəncərələrin dalında duran, çar üsuli-idarəsinə kin bəsləyən Bakı əməkçilərinin baxışlarını andırırdı. Gəmilərin yelkənləri sönməkdə olan şam şöləsi kimi sola-sağa əyilərkən, Jenyanın başı da Pavluşanın çiyninə düşdü. Jenyanın gözü ayın üzündəki ləkəyə sataşdı, dərindən ah çəkdi: – Ayın da üzü ləkəlidir, – dedi. – Hər şeydə bir ləkə vardır. Bizim apardığımız mübarizə, həyatımızın həqiqiliyini pozan, onun ahəngini dəyişən ləkələri təmizləmək üçündür. Bu günkü mənzərəni tamaşa etmək insana həyatdakı yorğunluğu unutdurur. Məndə bir ruh yüksəkliyi doğur, sanki bütün varlıq mənə öz mübarizəmdə qalib gəlmək imkanı yaradır. Pavluşa, yaxşı bax! Dənizin qəlbi də mübarizin qəlbi kimi həyəcanlı və çırpıntılıdır. Mənə elə gəlir ki, fəzanın geniş pəncərəsindən baxan milyonlarla ulduzlar gözlərini mənə dikmiş, mənim qələbə yollarımı işıqlandırmaq istəyir. Pavluşa, sən görürsən ki, hər şeydə bir şüur, hər görünüşdə bir duyğu hiss edilir. Mən bunların hamısını sevirəm, bütün bu hərəkətlər məni nəşələndirir, ancaq məni düşündürən bir şey varsa, o da yelkənlərdir, çünki onların ixtiyarı küləklər əlindədir. Onlar öz taleyinin, öz müqəddəratının idarəçisi deyildir. Onlar küləklərin əmrini yerinə yetirmək məcburiyyətindədir. Lakin mən belə deyiləm. Mənim ixtiyarım öz əlimdədir. Bizim mübarizəmiz də bu sahədə gedir, biz burjuaziyadan asılı olmamaq, insan kimi yaşamaq uğrunda mübarizə aparırıq. Sən Pavluşa da belə olmalısan! İnsan öz həyatında yelkənə bənzəməməlidir, iradəsi olmalıdır. Pavluşa Jenyanın sarı saçlarına, gözəl üzünə, parlaq gözlərinə baxıb soruşdu: – Bununla nə demək istəyirsən? – Sən inqilabçısan. Vasya da inqilabçıdır. Yaxşı olardı ki, sən özünü onun iradəsi ilə deyil, Bakı komitəsinin intizamı ilə, daha açığı, öz partiyaçı şüurunla idarə edəydin. Mən bir neçə dəfə sənin Vasyanın təsiri altına düşdüyünü görmüşəm. Doğrusu, mənim səninlə olan ixtilafımın səbəbi də budur. Pavluşa papirosuna dərin bir qullab vurub yerə atdı; burun deşiklərindən çıxan tüstü ilə Jenyanı rahatsız etməmək üçün üzünü yana çevirdi. Jenya bunu bir nifrət nümayişi kimi hiss edərək başını Pavluşanın çiynindən çəkdi, acıqlı-acıqlı ona baxdı: – Mən özümün bu qədər mənfur bir qız olduğumu bilmirdim, – dedi. – Sən tamamilə dəyişmisən, mənə başqa cür baxırsan. Pavluşa özünü itirdi. Udqundu, nə deyəcəyini, Jenyanın hiddətini nə ilə sakit edəcəyini bilmədi. Jenya sözünə davam edərək dedi: – Nədənsə səndə son vaxtlar pis fikirlər olur. Sən həmişə insanın pis tərəflərini görməyə çalışırsan. Hətta bir çox adamlar kimi sən də insanların yaxşı tərəfini görməyə qabil deyilsən. Tənqid edənlərlə buyuranlar heç yorulmaz. Sən yazılarını öz həyatından alan, ilhamını öz əxlaqından götürən bir yazıçıya bənzəyirsən. Bir çox tənqidçi yazıçılar vardır ki, yazdığı parçaları öz həyat dəftərindən köçürür. Lakin sən onu bilməlisən ki, insanın verdiyi tiplərdə yalnız mənfi cəhətləri göstərməsi, sağlam və müsbət tərəfləri görə bilməməsi, onun tam mənası ilə yarımçıq yazıçı olduğunu isbat edər. Pavluşa: – Jenya, sən nə danışırsan?! – dedi. – Mən sənə papiros tüstüsü verməmək üçün üzümü çevirdim. Lakin sən məni öz daxili düşüncələrinlə ölçdün. Sən onu bilməlisən ki, hər şeyi bir ölçü ilə ölçmək insanın intixab şüurundan məhrum olması deməkdir. Mən əvvəllər də sənin kişilər haqqındakı fikirlərinə razı deyildim. Sən həmişə kişiləri müvəqqəti, sevgisində yalançı, qadınlara yalnız qadın olduqları üçün yanaşan, ailə həyatına yabançı, sevgi ilə heyvani duyğulara fərq qoya bilməyən bir ünsür kimi hesab edirsən. Jenya təəssüfedici bir halda dedi: – Mən sənin cavabını vermək, məni kişilər haqqındakı mənfi fikirlərlə təhmətləndirmək istədiklərini rədd etmək istəmirəm. Elə olursa, onda bu təpənin üstündə günlərlə oturmağımız lazım gələr. Mən özümü o cür təhmətlərdən tamamilə uzaqda görürəm. Bunu da deməliyəm ki, biz bu uzun müddətdə tapmaca və müəmma şəklindən çıxa bilmədik. İndi bizim ikimiz də fantastik roman tipləri kimi oxucular üçün şübhəli və anlaşılmaz tiplər şəklində qalmışıq. Jenya bu sözlərlə Pavluşanın dərdlərinin qapısını açdı. Pavluşa həyəcanlı bir səslə dedi: – Mən də neçə ildən bəri səni öyrənə bilmədim. Məndən inciməmə, Jenya, sən mənim üçün oxunmaz bir kitab oldun. Səni oxumaq işində sanki mən tamamilə savadsızam. Səni düşünmək olduqca yorucudur. Sən həmişə özün arzuladığın kimi həyatı davam etdirmək istəyirsən, öz dediyin sözləri həyata keçirməyə çalışırsan. Mən səni heç vaxt şüursuz və həyatda yabançı qadınlar çərçivəsində qoymaq istəmirəm, lakin sən bir çox hərəkətinlə özünü o kimi qadınlara bənzədirsən. Sənin bütün hərəkətlərin, oturuş-durushun, məni özündən rədd etmək üçün başlanan bir oyunun zəmanəsidir. Bunu açıq söyləmək və dostcasına rəftar etmək daha gözəl olardı. Sən bunu birkərəlik deməlisən. Sözü gizlətmək və «rədd ol» sözünü dildə deyil, hərəkətdə ifadə etmək mənim yuxarıda söylədiyim qadınların xasiyyətidir. Mən ki sənə heç vaxt mane olmadım, lakin indi... Pavluşa sözünü bitirmədi. Utandımı? İxtilaf çıxacağından qorxdumu? Bunu təyin etmək çətindi. Heç birisi danışmırdı. Bu hal bir neçə dəqiqə davam etdi. Onlar Bakı limanının içərisində üzən gəmiləri, yelkənləri, elektrik lampalarını və sairələrini seyr etməyə başladılar. Şimal küləyi tez-tez Jenyanın saçlarını qaldırıb Pavluşanın üzünə tökürdü. Qarşıdan keçən barkasın trubası boz saçlarını dalısına tökərək şimala doğru üzürdü. Balıq beli kimi titrəyən ləpələr yavaş-yavaş qabarır, ay işığı altında qızıl balıq pərəkləri kimi parlayırdı. Bayıl dağında dustaqxana qarovulunu çəkən soldatın əlindəki süngünün kölgəsi sanki dalğaların incə qəlbini deşməyə tələsirdi. Ayın işığı ilə mübarizə edə bilməyən dəniz fənəri sönməkdə olan məşəlin sarı işığı kimi görünür, yenə də dalğaların arxasında itirdi. Sahil daşlarına toxunub səslənən dalğalar kazakların qamçı səslərini, kənara sıçrayan minlərlə damlalar isə minlərlə dul qadının göz yaşlarını xatırladırdı. Pavluşa uzun sükutdan sonra danışdı: – Jenya, biz dəfələrlə bir-birimizdən küsdük, bir-birimizi qısqandıq, bir-birimizi həftələrlə, aylarla görmədik. Bir-birimizin ayaq qoyduğumuz yeri qılınçladıq, axırda yenə də barışdıq. Bu təbii bir haldır. Müvəqqəti bir hadisədən doğan hər bir ixtilaf uzun müddət davam edə bilməzdi. Lakin bu günkü ixtilaf tamamilə başqadır. Bu ixtilaf, nə müvəqqəti bir hadisədən, nə şəxsi məsələdən, nə də sevgidən doğmuş bir ixtilafdır. Bu, əqidə və məfkurə məsələsindən doğan ixtilafdır. Bu ixtilaf bizi müvəqqəti deyil, həmişəlik ayıra bilər. Sən burjuaziya lagerində möhkəmlənirsən, buna görə də bizimlə olan əlaqən zəifləşir. Jenya ucadan güldü: – Əvvələn budur ki, mən burjuaziya lagerində deyiləm, mən burjuaziya evində qulluqçuyam. Çox təəssüf edirəm ki, sən indiyə qədər bu iki kəlmənin ayrılığını bilməmisən. Sən şəxsi məsələlərlə ümumi məsələlərin də fərqini anlamamısan. Hərgah mən burjuaziya lagerinə köçmüşəmsə, bu ümumi məsələ deyil, şəxsi məsələdir, çünki mən partiyadan getdikdə yalnız özümü aparıram, partiyadan heç bir şey aparmıram. İnsanın əqidəsi onun özünə məxsus bir məsələdir. Pavluşa, mənə yaxşı qulaq as! Məni bolşevik düşməni eləmək olmaz! Sən mənimlə başladığın mübarizəni başqa bir cəbhəyə çevirməlisən. Bu saat Bibiheybət fəhlələri menşeviklərin toruna düşdülər. Şendrikovçular tətilləri içərisindən çürüdür, zubatovçular, ittifaqı bir polis təşkilatına döndərir. Partiya bütün bunlarla ölüm-dirim mübarizəsi aparır. Sən isə iki nəfər qocanı, xəstəni yedirmək üçün bu paltarları geyməyə məcbur olan bir qızla mübarizəyə başlamısan. Pavluşa, biz yoldaş olmaq üçün bir-birimizə söz verdiyimiz zaman əqidəni, partiyalılığı və bitərəflik məsələsini şərt qoymamışdıq. Bu gün mən əqidəmi dəyişirəmsə, o mənim şəxsi işimdir; bunu sənə təkrar olaraq deyirəm. Sən bizim bir-birimizi nə üçün sevdiyimizi deyə bilərsənmi? Biz birinci təsadüfdə, yaxud səninlə bir ailədə yaşarkən bir-birimizi inqilabçı olduğumuz üçünmü sevdik? Mən inqilaba qoşulmasaydım da, sən məni sevəcəkdin. Mənim özüm də sənin kimiyəm. Sevgini yaradan iki xasiyyətin bir-birilə olan uyğunluğudur. Sevgi adətin, uzun müddət davam edən bir ülfətin nəticəsidir. Pavluşanın dili açıldı. İndiyə qədər deməyə qorxduğu sözlərini açıq söyləməyə başladı: – Mən fəlsəfəçi deyiləm, lakin savadsız da deyiləm. Əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz! Sən dediyin sevgi aristokratlara məxsus sevgidir: «Qadın nə əqidədə olursa-olsun, ancaq qadın olsun». Mən, filosof olmasam da, bunun doğru bir fikir olmadığını anlayıram. Sən bilirsən ki, əqidələr bir-birinə mübarizə açmadan yaşaya bilməz. Bir əqidə o biri əqidənin inkişafına meydan verə bilməz. Menşeviklərlə apardığımız mübarizə, sözlərimi sübut üçün kifayət deyildirmi? İki əqidə arasında gedən mübarizənin bir xüsusiyyəti də vardır ki, o da nəticədə bədbəxt hadisələr yaratmaqdan ibarətdir. Jenya, sən özün bir düşün, bir-birinə qarşı bədbəxt hadisələr yaradan iki müxtəlif əqidə sahibləri vahid bir sevgini yaşada bilərmi? Mən sənə eşitmədiyin bəzi sözlər deyəcəyəm, ürəyin sınmasın, gözəl qız. Jenya onun sözünü kəsərək: – Gözəl qız sözünü yenimi öyrəndin? – dedi. – Bu sözün vaxtından dörd il keçdiyini unutdunmu? Biz təzə tanış olmamışıq, bu kimi boyalı sözləri bir də danışma! Pavluşa gülərək dedi: – Keçmiş həyatı xatırlamaq tarixin təkrar edilməsi deməkdir. İnsan həmişə keçmişi xatırlayır, onu sevir, bu nə üçündür? Orada insanın hər şeydən qiymətli olan uşaqlığı və gəncliyi qalmışdır. Bu söz Jenyanın xoşuna gəldi; əlini qaldırıb onun saçlarını sığalladı: – Əziz yoldaş, gəl tarixi təkrar etdirməkdənsə, bir gələcək qurmağa çalışaq. Pavluşa: – Yox, Jenya, – dedi, – tarixsiz insan yaşaya bilməz! İnsan keçib gəldiyi yolları tez-tez xatırlamalı və ondan dərs almalıdır. Gələcəyin yollarını təyin etmək üçün keçmişi unutmamalıyıq! İndi gələk mənim sənə demək istədiyim sözlərə. Biz hazırda iki ayrı-ayrı dünyadan gələn adamlara bənzəyirik. Bu dünyaların arasında böyük və keçilməz bir uçurum vardır. Lakin bu dünyaları birləşdirmək üçün iki yol vardır... – De görüm, o yollar hansı yollardır? Biz o yolları birləşdirə bilərikmi? – Birləşdirə bilərik. Ona görə də biz ya burjuaziya lagerinə keçməli, ya da bolşeviklərə qoşulmalıyıq. Jenya heç də vüqarını pozmadı, tövrünü dəyişmədi, soyuqqanlı bir surətdə sözə başladı: – Görünür ki, sən məsələni qəti qoymaq fikrindəsən. – Buna məcburiyyət vardır. Jenya acıqlı-acıqlı soruşdu: – Nə kimi məcburiyyət ola bilər? – Sən milyonçu evindəsən! – Mən onlara qoşulmaq üçün yox, qulluq etmək üçün getmişəm. Mənimlə yoldaş olmaq xəyalın varsa, mənə azadlıq ver. Mənim sənə vermək istədiyim əl – səmimi əldir. O əli başqalarında görmək çətindir. Mənim orada çalışmağım nə sənin əqidənə ləkədir, nə də bizim sevgimizə manedir. Mən oradan çıxsam belə başqa bir varlının evində işləməliyəm. Sən ki, bizim ailə vəziyyətimizi bilirsən. Sənə yalvarıram, Pavluşa, özünü ələ al, evdəki aclara və xəstələrə rəhmin gəlsin; partiyamız bunu heç vaxt qadağan etməz. Mən öz əqidəmi heç vaxt və heç bir qüvvətə qarşı dəyişən qız deyiləm. Mən yolumu azdırmışamsa, qoy partiya özəyi məni mühakimə etsin. – İş gedib partiyaya çatsa, mən də özümü təmizə çıxara bilmərəm. Çünki mənim səninlə olan dostluq əlaqəmi bilirlər, neçə dəfə demişəm, yenə də deyirəm, sözüm qətidir! Eşitdin ki?! Jenya tutqun bir səslə: – Bəli, eşitdim! – dedi. Gecədən çox keçirdi. Ay yavaş-yavaş batırdı. Qaranlıq qara toz təbəqələri kimi axıb mühiti bürüyürdü. Kiçik dalğalar suya düşən bir qartalın qanadları kimi çırpınır, Pavluşa ilə Jenya da sevgi ilə əqidəni bir-birindən ayırmaq üçün çırpınırdılar. Jenya göz yaşını sildi, Pavluşa isə öz yanlış fikrində davam edirdi. Pavluşa günün çətinlikləri və zamanın əhəmiyyəti ilə hesablaşmır, Hacı Zeynalabdın Tağıyevin bütün Bakı burjuaziyası üzərindəki nüfuzunu qiymətləndirə bilmirdi. O, bütün məsələlərin milyonçu evində həll edildiyini təyin etməyi bacarmırdı: qısqanclıq, onun işə şüurla yanaşmasına mane olurdu; hökumətin bəzi xəyanətləri həyata keçirmək üçün Hacının nüfuzundan istifadə etdiyini anlasa da, qısqanclıq onun həqiqətə yanaşmasına imkan vermirdi. Jenya getmək üçün qalxdı. – Sabah gecə burada görüşəcəyikmi? – deyə soruşdu. Pavluşa cavab vermədi. Pavluşa Qala qapısından içəri girdi. Bolşaya krepostnaya küçəyə yaxınlaşırkən onu daldan bir nəfər səslədi: – Ey, dayan! Səs, Vasyanın səsi idi. Pavluşa dayandı, Vasya yaxınlaşıb onun əlini çox soyuqqanlılıqla sıxdı. Gözlərini yerdən ayırmayaraq soruşdu: – Haradan gəlirsən?! Pavluşa şaşqın bir halda cavab verdi: – Dəniz kənarından. – Yalnızmı getmişdin? – Bəli, yalnız idim. Susdular. Pavluşanın evinə qədər sakit getdilər. Qapıya yetişirkən Pavluşa əlini uzadıb onunla vidalaşmaq istədi, Vasya onun əlini rədd edərək: – Sizə gedirəm, – dedi, – sənə deyiləcək bir neçə sözüm vardır. Pavluşa məsələnin nə yerdə olduğunu anlamışdı. Qapının açarını cibindən çıxarması çox uzun çəkdi. Nəhayət, içəri girdilər. Üz-üzə oturdular. Əvvəlcə hər biri stol üstünə salınmış qəzetin ucundan bir parça qoparıb lülələdi, ciblərinin bucağından maxorka yığıb kağıza tökdü, lampada yandırdı, artıq kağızı dişləri ilə qoparıb yerə püflədi, dərin qullab vurub tüstünü tavana doğru buraxdı. Evdəki kiçik lampanın işığı zəifləşmişdi. Onlar ancaq bir-birinin kölgəsini görürdülər. Heç kəs də cürət edib qabaqcadan söhbət açmırdı. Pavluşa Vasyaya yalan dediyinə görə vicdan əzabı çəkirdi, çünki o, bir neçə gün əvvəl Jenya ilə danışmamaq üçün Vasyaya söz vermişdi, buna görə də Vasyanın ixtilaf çıxarmasından həm qorxur, həm də utanırdı. Vasya sözə başladı: – Pavluşa, indi artıq sənin varlığın mənim üçün heç bir şeyə dəyməz; sən həm qorxaq, həm də yalançısan! – Nə olmuş ki? – Nə olacaq! Sən milyonçu evində yaşayan qızla bir daha görüşməyəcəyin üçün mənə söz vermişdin, lakin sən yalançı çıxdın. Bu yalan bəs deyilmiş ki, başqa bir yalanı da bu gecə dedin. – Elə bu? Bu xırda bir şeydir. Mən ki yolumdan azmamışam. Mən ki iradəmi itirməmişəm? – Bakı milyonçusunun evində yaşayan qızla əlaqə saxlamaq azğınlıq deyildirmi? Əlvan ipəklərə bürünmüş bir qızın başını çiyninə almaq yolu azmaq deyilmi? Sənin bolşevikliyə məxsus əqidən mavi gözlü qızın ətirli nəfəsləri ilə ləkələndi. Sən özün də onun təsiri ilə zəhərlənmisən, başqalarını da zəhərləyə bilərsən. Sən o qızı bir sevgi üçün izlədikdə gec-tez onun əqidəsini də izləyəcəksən. Sevgi elə bir haramzada şeydir ki, onun əlindən qurtarmaq çox çətindir. Bunun üçün də mən sevmirəm və sevməyəcəyəm də! Onu da yolundan azdıran və milyonçu evinə salan sənin axmaq-axmaq xasiyyətlərindir. Onu idarə edə bilmədin, sevgi əlaqəsini yoldaşlıq əlaqəsindən qabağa saldın. O özünü fəhlə hərəkatı yolunda ölümlər qarşısında qoyduğu, jandarmlar, polislər və xəfiyyələrlə baş-başa vurduğu zaman sən ona yol göstərmək və kömək vermək əvəzinə ondan küsdün, onu qısqandın... Necə də ki, hər ikiniz yolunuzu azdınız. Sizdə sevgidən başqa heç bir şey qalmamışdır. Xüsusilə sən indi gülünc bir haldasan. Nə balıqsan nə ət. Çox keçməz ki, o qız sənin sevginə də qiymət qoymaz. Onun getdiyi yol üstündə elələri durmuşdur ki, Pavluşalardan çox-çox gözəl və varlıdır. Pavluşa acıqlandı: – Mən Jenya haqqında bu cür sözlər deməyinə heç də icazə vermirəm! Sən dediyin sözlərdən Jenya uzaqdır. O, yolunu azsa da, yolu üstündə duranlara satılacaq bir qız deyildir. Mən səninlə yoldaşam, lakin bu gündən etibarən mənim yanımda Jenya sözü danışılmayacaqdır. Sən anlayan şeyləri mən də anlamağı bacarıram. O hər nədirsə, onda işim yoxdur. Məni sevir, sevmir, o da özünün xüsusi işidir. O bizim tərəfimizdən təhqir edilməməli və bu cür nalayiq sözlərə meydan verilməməlidir. Sənin sözlərin yoldaş sözləri deyildir. Əsgər əlində bir parça çörək, kağız arasında bir tikə pendir içəri girdi və onları stolun üstünə qoyaraq: – Bu da bizim səhər yeməyimiz, – dedi və kürsünü çəkib oturdu; qəzetdən bir parça kəsib, əlini Pavluşanın cibinə saldı, maxorka çıxarıb eşdi, yandırdı, yoldaşlarından soruşdu: – Belə görünür ki, mənim gəlməyim sizin söhbətinizə mane oldu? Pavluşa göz qapaqlarını qaldıraraq: – Heç bir maneəçilik yoxdur. – dedi, – boş-boş danışmaq Vasyanın peşəsi deyildirmi? Heç bilmirəm bu adam o qızdan nə istəyir? – Kimdən? – Jenyadan. – Nə olub ki? – Nə olacaq?! Mən bu gecə sizdən ayrıldıqdan sonra, küçədə ona rast gəldim. Mən görüşmək istəmirdim, özü məni səslədi, dayandırdı, gəzə-gəzə dəniz kənarına apardı, oturub bir az söhbət etdik. Söhbət də yalnız tənqiddən, təhmət və məzəmmətdən ibarət oldu, vəssalam. Daha mən nə bilim ki, Vasya mənim dalımca gəlirmiş... Nə isə, oradan qayıdanda yolda Vasyaya rast gəldim, axşamdan bəri oturub qızın dalınca yaraşmayan sözlər danışır. – Sizin ikiniz də qəribə adamlarsınız. Danışmağa başqa söhbətiniz yoxdur? Hələ siz bir-birinizi sevirsiniz, mən bilmirəm, Vasyanın burada nə işi vardır? O, nə üçün Jenyanın sözünü danışır? Vasya acıqlandı: – Necə yəni Vasyanın burada nə işi vardır?! Mən sizinlə yoldaş deyiləmmi? Əsgər soyuqqanlılıqla dedi: – Sakit ol, mən sənin üçün Pavluşa-zad deyiləm! Sən mənim yoldaşım olsan da, bir eybini görən kimi üzünə çırparam. Görünür ki, sən xəstələnmisən. Hərgah xəstə olmasan, sən də oturub öz-özünə fikir edərsən ki, mən başqasının ailə həyatına nə üçün qarışıram? Çox da Pavluşa sənin yoldaşındır. Çox da ki, sən axmaq-axmaq danışanda o sənə cavab vermək istəmir. Sənin özün gərək özünü ağır tutub xalqın ailə məsələsinə qarışmayasan. De görüm, Pavluşanın yerində bir başqası olsaydı, sən cürət edib bu cür sözləri deyə bilərdinmi? İndi hünərin varsa, o sözləri mənə də de və mənim sevgilim Suqranın da sözünü danış; onda görərsən ki, bu oğlan sənə nə cavab verər! Vasya gözlərini döyə-döyə dedi: – Sizin ikiniz də əblahsiniz! İndi sizin nə vaxtınızdır? Mən yaşda ikinizdən də böyüyəm, dünyanı da sizdən çox gəzmişəm. Dörd il soldatlıq eləmişəm. Neçə-neçə böyük şəhər görmüşəm. Yenə də özümü bir qıza bağlamaq istəmirəm. İndi sevmək yox, işləmək lazımdır! Pavluşa özünü saxlaya bilmədi. İxtiyarsız gülərək dedi: – Karl Marks bilsəydi ki, bir zaman Vasya kimi bir bolşevik meydana çıxıb, bolşevikin subay qalmasını tələb edəcək, o zaman başqa-başqa qeydlər yazardı. Hərgah mən Vasyanın bu nəzəriyyəsini yeri gələndə rəhbər yoldaşlara deməsəm, heç kişi deyiləm! Vasya papirosu yerə çırpıb təpiyi ilə söndürdü, qapını çırpıb getdi. * * * Xəzər dənizi mavi qanadlarını Sabayil şəhərinin xarabaları üzərinə açıb uyumuşdu. Ay, abı məcməyiyə qoyulmuş qarpız kimi ləkəli üzünü göstərirdi. Ulduzlu fəza dəniz üzərinə çevrilmiş bir süzgəcə bənzəyirdi. Yelkənli gəmilər Narkin adasına salam verir, baş endirir, keçir, ağır-ağır uçan yaralanmış bir qartalı xatırladırdı. Jenya qumlu bir təpəyə qalxırdı. O, Pavluşa ilə görüşmək üçün dünən gecəki yerə gedir, öz-özünə danışırdı: «Kainat dünən gördüyüm kimidir. O mənim fikrim qədər dəyişməzdir. Dalğalar yenə də güləşir, bir-birini təqib edir. Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri, xəyali pərilər kimi Xəzərin dərin hövuzunda çimmək üçün enir». Rüzgarın şıltaqçı barmaqları üfüqlərin köynəyini cırmağda, şərqdən qalxan fabrik tüstüləri ayın üzünə qara örpəyini çəkməkdə idi. Jenya ətrafına baxıb, öz-özünə dedi: «Hər şey yerindədir, lakin Pavluşa yoxdur. Bunun səbəbini bilsəydim!..». Jenya düşünə-düşünə gedirdi. Bir kölgə də onun dalınca sürünürdü. Jenya təyin edilən yerə gəldi, təpənin üstündə oturdu. O, Pavluşanın görüşə gələcəyinə inanırdı; Pavluşa gəlməsi haqqında dillə bir söz deməmişdisə də, sükutu ilə buna razı olduğunu bildirmişdi. Jenya Pavluşaya deyəcəyi sözləri əzbərləyərək, öz-özünə danışırdı: «Biz nə vaxta qədər bu kimi yerlərdə görüşəcəyik? Biz nə vaxta qədər tapmaca şəklində qalacağıq? Bu müəmmalı vəziyyət nə vaxt bitəcəkdir?». Jenya sanki Pavluşanı yanında görür və üzünü ona çevirib deyirdi: «Biz qaranlıq yoldan çıxıb işıqlı bir dünya yolu ilə getmək iddiasındayıq. Biz: «hər bir hadisənin bir səbəbi vardır» — deyə danışırıq. İndi ki bir səbəb vardır, onda bizim sevgimiz də səbəbsiz deyildir. Mən bilirəm ki, sən məndən ayrılmaq istəyirsən, lakin bacarmırsan, çünki bizim sevgidən ayrılmağımız üçün əsaslı bir səbəb yoxdur». Jenya başını əlləri içinə alıb: «O gəlmədi!» — deyə bütün varlığı ilə düşüncəyə daldı. Jenya, ailə qurmağda yalnız mütəqabil sevginin kifayət etməyəcəyini ancaq indi anlaya bildi. O ancaq indi bildi ki, bir səviyyədə olmayanlar bir-birini anlaya bilməzlər. «Mən öz yolumla gedəcəyəm. O məndən ayrılıb getsə də, mən öz hərəkətlərimin mündəricəsi içərisində saxlanan həqiqətlər haqqında ona bir söz belə deməyəcəyəm. Burjuy evində çalışmağım mənim namusumu ləkələyə bilməz. Məni partiyam çox yaxşı tanıyır. Qoy Vasya mənim haqqımda pis fikirlərdə olsun! Qoy Pavluşa onun yanlış fikirlərini «partiya intizamı» deyə qəbul etsin! Mən öz vəzifəmi layiqincə bitirdikdən sonra onların hər ikisini məğlub edəcəyəm». Jenya sanki birdən yuxudan ayıldı. Bakının uçqar bir yerində oturduğunu, onu müdafiə edəcək bir kəsin olmadığını hiss etdi. Ani bir qorxuya tutuldu. Çar Bakısının bütün həqiqətlərini ətrafında görməyə başladı. Qabağındakı daşlara toxunan dalğaların hər birisi bir timsah şəklini aldı. Ulduzlar jandarm gözü kimi ona baxmağa başladı. Bunlar onu basmaq üçün gələn bir parovoz fənəri kimi göründü. Dənizdə parlayan elektrik işıqları onu süngüləmək istəyən bir dəstə çar soldatını xatırlatdı. Külək əsirdi. Küləyin təsiri ilə sarı saçları bir ilan kimi onun boynuna dolaşdı. Bütün mühit sanki bir canavar olub onu təqib edirdi. Ayağının altındakı kiçik daşlar belə ona heybətli bir əjdaha kimi görünürdü. Qalxdı, geri baxmadan qaçmağa başladı. Şose yoluna qədər durmadan yüyürdü. Onu ancaq daldan eşitdiyi bir səs dayandırdı. – Yoldaş Jenya, qaçma, dayan! Nədən qorxursan? Dayan! Bu səs Əsgərin səsinə bənzəyirdi. Jenya dayandı. Əsgər gəlib ona çatdı. Jenya onun əlindən tutub hiddətindən ağladı: – O məni heç bir şey hesab etmir. O bilirdi ki, mən burada olacağam. Heç utanmadı, məni burada tək qoydu. — Jenya bir az sakit olduqdan sonra, Əsgərdən soruşdu: — Bəs sən haradan gəlirdin? – Dünən gecə Vasya ilə Pavluşa dalaşdıqdan sonra bildim ki, Pavluşa səninlə görüşməyə gəlməyəcəkdir. Mən bunu sənə demək istəyirdim. Bayıldan qayıdırdım. Bura gəldim. Təpənin üstündə oturduğunu gördüm, qıraqda durub qarovulunu çəkdim. – Bəs sən Bayıla nə üçün getmişdin? – Xanlar yoldaşla bərabər Bibiheybətdə iclas aparırdıq. Jenyanın əli Əsgərin əlində ikən yenə acığından və qorxusundan bütün bədəni titrəyirdi. Əsgər ona nəsihət verməyə başladı: – Mən belə məsləhət görürəm ki, bir də bu cür yerlərdə dolanma! Pavluşa ilə bərabər olsa da, bu tərəflərə gəlmə! Mən Bakını Pavluşadan yaxşı tanıyıram. Mən Vasya və Pavluşanın sözünə baxan deyiləm. Mən bilirəm ki, sən bizim yoldaşımızın qızısan, bizim də yoldaşımızsan. Qulluq eləmək ayıb deyil, ancaq bir az ayıq ol! Varlı evləri xatalıdır. Bu evlərin sahiblərində vicdan yoxdur, onlar bizi adam yerinə qoymurlar. Fəhlə namusu onlar üçün heç dərəcəsindədir. Jenya: – Əsgər, sən əmin ol! — dedi. — Sən bilirsən ki, mən sənin xatirini yoldaşların hamısından artıq istəyirəm. Mən elə bir qız deyiləm ki, gözümü üfürən olsun. İndi de görüm sənin öz işin necədir? Düzəlir ya yox? – Düzələn kimidir. Ata-anası bir az yekədən başlayıbdır. Amma Suğranın özü öldüm-keçdimdədir. Biz günaşırı görüşürük. – Ona məndən salam söylə. Ayrapetə, onun arvadı Varvara bacıya, Ayrapetin şakirdi balaca Heybətə, Xanlara və başqa yoldaşlara da məndən salam yetir. De ki, mənim ürəyim onlarladır. Jenya beş manat da pul çıxarıb Əsgərə verdi: – Əsgər, bu pulu hər nə cür olsa, sabah bizim qocalara apar. Mənim əvəzimdən də onları öp! Əsgərlə Jenya söhbət edə-edə Naberejnı küçəyə qədər gəldilər. Vasya gizlicə onların dalınca gedirdi. O da Əsgər kimi düşünərək, Pavluşanın görüşə getməyəcəyini yəqin etdiyindən, Jenyanı müdafiə üçün o tərəflərdə dolaşırdı. Əsgər ayrılıb getdikdən sonra Vasya Jenyanı Hacı Zeynalabdın Tağıyevin evinə qədər təqib etdi. Jenya milyonçu qapısının zəngini çaldı, gəlin kimi bəzəkli qapı açıldı. Hacının hacasaqqal qapıçısı başını bayıra çıxartdı, yanlarına sarı zəncirə tikilmiş furajkasını götürüb gündə yüz dəfələrlə əyilən başını bir daha Jenyanın qarşısında əydi. Vasya tində durub onlara baxırdı. O, yenə də Jenya haqqında başqa cür düşünürdü. Bu vəziyyətlə heç cür barışa bilmirdi. Buna görə də Jenya qapıdan içəri girəndə Vasya nifrətlə dedi: – Get! Sən başdan-ayağa şübhə içindəsən! Sənin sevgin də, baxışın da, işin də, sözlərin də, gözlərin də bir şübhədir. Sən ən yaxşı bir bolşeviki bizim əlimizdən alıb özünlə bərabər çirkaba salmaq üçün hazırlanırsan, lakin mən bununla mübarizə edəcəyəm. Sən onu bilməlisən ki, hazırda milyonçu evində işlətdiyin ətirlər, bir az əvvəl azadlığı yolunda mübarizə apardığın Bakı proletariatının qanı və təridir! Sən hansı bir ailədə doğulub, hansı mühitə düşdüyünü xatırlayırkən utanırsanmı? Sən getdin, çünki bolşeviklərdə bu saraylar, qızıllar, sən geydiyin ipək paltarlar, səni çiçəkləndirən şlyapalar yox idi. Bunun üçün də sən bizdən uzaqlaşdın. Biz ki sənə bir yamanlıq etməmişdik! Get! Get! Bir daha bizim tərəfə qayıtma! * * * Menşeviklərin yeni xəyanəti Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar. Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi. Bibiheybət menşevikləri qulaqlarını şəkləyib İlyanın danışıqlarına qulaq asırdılar. Bolşeviklərdən gələn çox idi. Onlar bir-birinə yaxın oturub məsləhətləşirdilər. İlya sözünü belə başladı: – Yoldaşlar! Hərgah biz, məsələnin həqiqətini aramış olursaq, görəcəyik ki, bolşeviklərlə menşeviklər arasında heç bir fərq yoxdur. Biz ayrı deyilik, aramızda fərq olsa da, çox azdır. Partiyamızın proqramı birdir, ikinci bir proqramı yoxdur; hərgah varsa, bunu iddia edənlər bizə göstərsinlər. Yoldaşlar! Bunu iddia edənlər, — aramıza ayrılıq salmaq, bundan istifadə etmək istəyənlərdir. Bizim aramızdakı fərq nədir? Onu gəlin çox açıq söyləyək. Ayrılığımız yalnız xətti-hərəkətdədir. Biz nə deyirik? Bolşevik nə deyir? Biz deyirik ki, fəhlə sinfinin fəlakətinə çalışmaq, tarixi bir xəyanətdir. Biz fəhlələri, öz yanlış xətti-hərəkətimizlə çar dustaqxanasına və jandarm qamçıları altına göndərmək istəmirik. Biz deyirik ki, öz xətti-hərəkətimizlə fəhlələrin sürgünlərə, ölümlü səfərlərə getməsinə səbəb olmayaq, biz əvvəlcə fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Siyasi məsələlər sonranın məsələsidir! Yoldaşlar! Silahsız, aciz və elmsiz fəhlənin hökuməti ələ almaq uğrundakı mübarizəsi xam bir xəyal deyilmidir? Bu hərəkət düşmənin vaxtından əvvəl hazırlanmasına səbəb olmayırmı? Bolşeviklərin siyasi mübarizə şüarı burjuaziyanın möhkəmlənməsinə və bizə qarşı mübarizə cəbhəsi düzəltməsinə meydan açmırmı? Bolşeviklər mübarizə cəbhəsini zəiflədir, fəhlə sinfinin xoşbəxtliyinə çalışmaq üçün lazım olan qüvvətin iki tərəfə bölünməsinə səbəb olurlar. Bizim bu ayrılığımızdan çar jandarmeriyası sevinir. Əlbəttə sevinir, çünki hökumət belə bir fürsəti çoxdan axtarırdı. Bibiheybət fəhlələri boynunu uzadıb qulaq asır, arabir də yerlərindən səslənirdilər: – Əlbəttə ki, belədir! İclasda şendrikovçuluq ruhu getdikcə artırdı. Aldanmış qulaqlar İlyanın daha uzun danışmasını arzu edirdi. İlya sözünə davam edirdi: – Buna görə də, biz deyirik ki, siyasi məsələ ilə iqtisadi məsələni qarışdırmayaq! Bunu qarışdırmaq, fəhlə sinfinə xəyanət eləmək və çar jandarmının qoluna qüvvət vermək deməkdir. İlya sözünü bitirdi. Danışmaq üçün söz istəyən yox idi. Menşeviklər özünü qalib hiss edirdilər. İclasda İlya kimi dil pəhləvanının qabağına çıxaraq, onu ifşa edə biləcək bir kəsin olduğuna inanmırdılar. Pavluşa danışmaq üçün söz aldı. Vasya özünü düzəltdi; o, Pavluşanın nitq deməyini və hazırcavablığını çox yaxşı bilirdi. Sevinclə dedi: – Pavluşa, ayağa qalx! Neçə gündən bəri Vasya Pavluşanı danışdırmırdı. Bu söz ona yeni bir qüvvət verdi, o ayağa qalxdı: – Yoldaşlar! — dedi. — Bizim içimizdə elələri vardır ki, onlar hələ indi də fəhlələrin avamlığından istifadəyə çalışırlar, boyalı sözlərlə onların gözlərini pərdələmək istəyirlər. Yoldaşlar! Fəhlə sinfinin bədbəxtliyi orasındadır ki, onlar bir neçə cəbhədə mübarizə aparmağa məcburdurlar. Onlar bir tərəfdən çar üsuli-idarəsi, Rusiya burjuaziyası və onların müdafiəsində duran polislərlə, bir tərəfdən də çar və burjuaziya ilə barışanlarla mübarizə aparırlar. Mən bir çoxlarına demək istəyirəm ki, daha gözdən pərdə asmaq vaxtı keçmişdir; fəhlə sinfi dostunu, düşmənini tanıyır və öz xətti-hərəkətini təyin etməyi bacarır. İndi gələk İlya yoldaşın çıxışına. İlya yoldaş öz nitqi ilə nəinki bolşevik fəhlələri öz doğru yolundan sapdırmağı bacarmadı, hətta menşevik fəhlələri də öz dediklərinə inandıra bilmədi. O deyir ki: «Bolşevik və menşevik birdir, aralıqda bir fərq yoxdur. Fərq olsa da çox azdır». İndi mən üzümü Bibiheybət fəhlələrinə tutub deyirəm: siz bilirsiniz ki, İlya yoldaş savadsız deyildir. O, bu iki cəbhənin arasındakı fərqləri də bilməmiş olmaz. İlya yoldaş bu iki cəbhənin bir-birilə barışmaz cəbhə olduğunu burada oturanların hamısından yaxşı bilir. İşin təəssüf ediləcək yeri burasındadır ki, nə İlya, nə də onun dalınca gedənlər üçün bu həqiqəti söyləmək əlverişli deyildir. Hərgah menşeviklər bolşeviklərlə öz aralarındakı fərqləri göstərmiş olsalar, o vaxt Balaxanının və Bibiheybətin fəhlələrinin avam və idraksız hisslərini öz tələlərində görə bilməzlər. O fərqlər açıq deyildiyi zaman, bütün fəhlə sinfi öz həqiqi partiyası ətrafına toplanaraq, barışdırıcı başçıları yalnız buraxmış olacaqlar. Lakin İlyanın özü «aralıqda fərq yoxdur» dediyinə baxmayaraq, haman fərqlərin ən mühüm bir hissəsini göstərir. O nə dedi? O dedi ki: «Biz, fəhlələrin ancaq iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışmalı, siyasi mübarizə və hökuməti ələ almaq şüarından vaz keçməliyik!». Yoldaşlar! Bu sözlər bizimlə menşeviklər arasında olan böyük fərqlərdən birisidir. Bununla menşeviklər bizi fabrik-zavod sahiblərinin mərhəmətinə sığınmağa və onlara yalvarmağa çağırır. Bununla biz, yenə də burjuaziyanın sədaqətinə göz dikmiş olacağıq. Lakin menşeviklər yubanmışlar! İyul çıxışlarından və dekabr tətillərindən sonra iqtisadi tələblər üsuluna keçmək irticaçılıq və geri qayıtmaq deməkdir. Məncə bu üsulu təsdiq edə biləcək idraksız fəhlələrin sayı da gündən-günə azalır. Yoldaşlar! İndi İlya yoldaşın məntiqsiz çıxışlarını sizin özünüz də mühakimə etməlisiniz! Siyasi mübarizə olmadan, iqtisadi vəziyyəti yüngülləşdirmək mümkündürmü? Nə üçün dinmirsiniz? Cavab verin! Pavluşanın sualına menşeviklərdən cavab gəlmədiyi üçün o, yenə də sözünə davam etdi: – Siyasi mübarizədə qalib gəlmədən, iqtisadi vəziyyəti yaxşılaşdırmaq iddiasında olanlar, fəhlələri aldadır, bununla da özlərinin burjuaziya ilə barışdıqlarını pərdələmək istəyirlər. Mən heç vaxt menşeviklərə qorxaq və savadsız demirəm. Ancaq bunu cəsarətlə demək istəyirəm ki, onlar burjuaziyanın ətəyindən əl çəkmək və onları acıqlandırmaq istəmirlər. Mən sözümü qısa dedim. Həqiqət çox qısa, çox da aydın deyilməlidir. Bizimlə menşeviklər arasında olan fərq bundan ibarətdir. Bu həqiqəti gizlətmək, çıdanı çuvalda gizlətmək kimi xam və gülünc xəyaldır. Məclisdə gurultu qopdu. – Demaqoq! – Siyasi savadsız! – Xəyalpərəst! – Südəmər! – Xain! Bu kimi sözlərlə bərabər, menşeviklərin dalınca gedən avam fəhlələr Pavluşanı söyürdülər də. Bu səslər Bibiheybət və Balaxanı fəhlələri oturan tərəflərdən eşidilirdi. Bu səslər Vasyanı yerindən qalxmağa məcbur etdi. O danışmaq üçün söz istədi, sədr ona söz vermədən dedi: Yoldaşlar! Biz çoxdan bəri bir yerdə əlbir işləmiş və bir sırada mübarizə aparmış yoldaşlarıq. Bizim cəbhələrə ayrılmağımızın tarixi də o qədər uzun deyildir. Buna görə də ümumi məsələlərdən danışdığımız zaman, tək-tək şəxsiyyətlərə toxunmamalıyıq. Mən sizdən ancaq bunu xahiş edirəm. Vasyaya söz verildi. Vasya qısa paltosunu yerə ataraq dedi: – Yoldaşlar! Nə çar kazakları, nə də burjuaziyanın əzici istismarı bizim ağzımızı yuma bildi. Beş-altı nəfər aldanmış və siyasi cəhətdən kor olmuş idraksızlarmı bizim ağzımızı yumacaqdır?! Biz heç vaxt satılmayacağıq! Bizi satanlarla, bizi burjuaziya ilə barışdırmağa çalışanlarla, onların dalınca gedənlərlə də biz mübarizə aparacağıq. Hər tərəfdən səslər eşidildi: – Səndə o hünər yoxdur! Çox da ağzını dağıtma!.. Vasya bu səslərə də cavab verdi: – Söyüşü biz də bacarırıq. Lakin bu, məsələni həll etmir! Biz menşeviklərdən ayrıldığımız gündən bəri onlarla vuruşmağı qərara almışıq. Biz fəhlə sinfinin düşmənləri ilə də mübarizə aparırıq, lakin bu mübarizə söyüşlə deyil, menşeviklərin xəyanətini ifşa etməklə mümkündür. Mən indi əsil məsələyə keçirəm. İlya yoldaş burada fəhlə sinfinin iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan çox danışdı. Yoldaşlar! İndi də mənə qulaq asın, fəhlələrin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün menşeviklərin sahibkarlara verdiyi tələblərin bir neçəsini misal olaraq sizə göstərəcəyəm: Fabrik-zavodlarda əlüzyuyanlar qoyulmalıdır. İçmək üçün qaynanmış və buzlu su olmalıdır. Paltar qoymaq üçün şkaf olmalıdır. Maaş iş vaxtında verilməlidir. Zavod-mədən müdiri filankəs işdən götürülməlidir. Yoldaşlar! Fəhlələrin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün menşeviklərin verdiyi tələblər bundan ibarətdir. Biz bolşeviklər isə belə demirik. Biz deyirik: Səkkiz saatlıq iş günü. İldə bir aylıq istirahət məzuniyyəti. Maaşlar otuz faiz artırılsın. Xəstələnmiş fəhlələrin maaşı verilsin. Fəhlələrin ailəsi xəstə olduğu zaman müəssisə və ya hökumət hesabına müalicə olunsun. Zirzəmilərdə vərəm alan fəhlələrə təmiz və səhiyyə cəhətindən əlverişli yaşayış mənzilləri verilsin. Yoldaşlar, indi sizin özünüz bizimlə menşeviklərin arasında olan fərqi müqayisə edin! Fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq üçün doğru mübarizə aparan kimdir? Bizmi? Menşeviklərmi? Yoldaşlar! Mübarizə bununla bitmir; biz bilməliyik ki, nə qədər çarizm yaşayır, nə qədər hökumət istismarçıların əlindədir, fəhlələrin halı yaxşılaşmayacaqdır. Budur ki, fəhlə sinfi çarizmi məhv etməyə, burjuaziyanı devirməyə can atmalıdır, bu isə yalnız silahlı üsyan yolu ilə mümkündür. Budur ki, biz fəhlə sinfinin, çar üsuli-idarəsini devirmək uğrunda mübarizəyə, silahlı üsyana çağırırıq. Bu yolda hər kəs bizimlə əlbir işləmək istəyirsə, buyursun, istəmirsə, bizə əngəl törətməsin, yolumuzda tikan əkməsin! İclasda başqa danışanlar da oldu. Vasyaya yumruq göstərən və hədələyənlər də var idi. Bir çoxları da «sənə bayırda göstərərik!» — deyə onu söydü. İclas qurtardı. Əsgər, Pavluşa, Ayrapet, Məmməd və sair fəhlələr iclas salonundan birlikdə çıxdılar. Ayrapetin şakirdi Heybət öz adamları ilə qapıda durub gözləyirdi. Vasya və Pavluşaya yumruq göstərənlər Heybətlə yoldaşlarından qorxub, səslərini çıxara bilmədilər. * * * Menşeviklər burjuaziya xidmətində Hacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi. Bu gün həmin qorxulu günlərdən birisi idi. Hacı hələ yatmışdı. Texniklər məktəbinin direktoru Mixaylovski Hacının görüşünə gəlmişdi. Hacı Mixaylovskini gecə paltarında qəbul etdi. O, bir gizlin müşavirə üçün gəlmişdi. Müşavirə salonundakı telefonla qubernatorun evi ilə tez-tez danışılırdı. Hacı tez-tez dəstəyi götürüb danışır, yenə yerinə qoyurdu. Vəziyyət bu günün qorxulu bir gün olduğunu göstərirdi. On səkkiz nəfər gənc qulluqçu qız yataq otağının dəhlizində durub xanımın yuxudan oyanmasını gözləyirdi. Hacının evinə vaxtından əvvəl gələnlərin sayı artırdı. Xanımın vaxtından əvvəl yuxudan oyanaraq, qulluqçuları səsləmədən Hacı ilə telefonla danışması, qulluqçuları heyrətə saldı. Hacının yataq otağı ilə xanımın yataq otağındakı telefonların səsini ancaq yatmaq zamanı eşitmək olardı. Səhər tezdən telefonla danışmaq ən az və təsadüfi hadisələr zamanında eşidilirdi. Mixaylovski Hacının yanından ayrılıb xanımla görüşmək üçün gözləmə salonunda oturmuşdu. Hacı arasıkəsilmədən qubernator ilə danışırdı. Mixaylovski olduqca həyəcanlı idi. O, özü üçün bir məşğuliyyət axtarırdı. Jenya, Mixaylovskinin səhər tezdən gəlməsi və Hacı ilə müşavirədən sonra xanımla görüşmək istəməsi ilə maraqlanır, onun ətrafında fırlanır, bu barədə bir şey öyrənmək istəyirdi. Mixaylovski gənc və gözəl qızın tez-tez gəlib-getdiyini və ona dərin nəzərlər saldığını görüb, saçını və yaxalığını sahmana salmağa başladı, Jenyanı səslədi: – Gözəl qız, xanımın yuxudan durmasına çoxmu qalmışdır? Jenya saata baxıb dedi: – Xanım yuxudan çoxdan ayılmışdır, lakin adi vaxtına hələ yarım saatdan da çox qalmışdır. Mixaylovski qıza sual verməyə başladı: – Siz burada nə vəzifəsində işləyirsiniz? – Mən xanımın paltarını idarə edirəm. – Hacının paltarının idarəsi də sizin öhdənizdədirmi? – Xeyr, onun üçün başqası vardır. – Savadlımısınız? – Dörd sinifli şəhər məktəbini bitirmişəm. – Harada? – Krasnoyarsk şəhərində. – Nə üçün bundan artıq oxumadınız? – Ailəmizin başçısı vaxtından əvvəl öldüyündən, daha oxumaq mümkün olmadı. – Oxumağa rəğbətiniz vardırmı? – Həddindən artıq! – Elə isə nə üçün oxumursunuz? – İşləməklə oxumaq bir yerdə mümkün deyil. – Zənnimcə xanım da, Hacı cənabları da sizin oxumanıza mane olmazlar. – Elə olursa mən özümü xoşbəxt hesab edərəm. – Siz məni tanıyırsınızmı? – Xeyr, tanımıram, lakin xanımın və Hacının yanında sizin hörmətli bir zat olduğunuzu bilirəm. – Mən texniklər məktəbinin direktoruyam. Mixaylovskiyəm. Yalnız Hacı deyil, bütün Bakı milyonçularının, hətta cənab qubernatorun hörmət bəslədiyi bir zatam. – Hörmətinizin dərəcəsi bundan da yüksək olsun! – Mərhəba! Ədəbli qızsınız. Sizə qulluqçu qız demək yaraşmır. Lakin Hacının evində qulluqçu olmaq böyük bir şərəfdir. Siz bu şərəfi təqdir etməlisiniz. Xüsusən, onun xanımının xidmətində olmağın özü bir səadətdir. Bu səadətə hər kəs nail ola bilməz. Sizin xanımın özünü də imtahanlara mən hazırlamışam. İndi deyin görüm, gimnaziyaya hazırlanmaq istəyirsiniz? – İstəyirəm! – Elə isə siz məqsədinizin yerinə yetirilməsi işini mənə tapşırınız. – Kəmali-məmnuniyyətlə! – Mən xanım ilə də bu barədə danışaram. Siz müəyyən saatlarda məktəbə gələ bilərsinizmi? – Xanımın icazəsi olursa, gələ bilərəm. Söhbət zamanı Mixaylovski Jenyanı başdan-ayağa qədər gözdən keçirirdi. Jenyanın hərəkətləri onu titrədirdi. Jenya Mixaylovski ilə tanış olmasından şadlanırdı. Bu tanışlıqla o, texniklər məktəbindəki tələbələrlə, hətta III Aleksandr adına olan gimnaziya tələbələri ilə də tanış ola biləcək, onların arasında iş aparacaq idi. Bakıda gənclər arasında çox az iş aparılırdı. Xanımın zəngi vuruldu. Jenya yataq otağına girdi. Mixaylovski, Hacı və xanımın çay stolunun başında oturmuşdu. Hacı Mixaylovskiyə dedi: – Ümumi tətil qorxulu tətildir! Xanım heç də vəziyyətini dəyişmədən: – Ayaqyalınlar! Murdarlar! — dedi və qaşıqla qaymağı Mixaylovskinin qabağındakı boşqaba qoydu. Öz fabrikində başlanan tətildən Hacının hələ xəbəri yox idi. Bir stəkan çay içməmişdi ki, telefonun zəngi səsləndi. Hacı dəstəyi tələsik götürdü: – Bəli, Hacı özüdür... Bəli, bəli, eşidirəm! Sözü qısa de görüm nə var? Tətil?.. Hamısı? — Hacı dəstəyi yerinə qoydu. — Fabrikdə tətil başlamışdır. Xanım: – Alçaqlar! Ayaqyalınlar! — deyib Hacının çayını təzələdi və soruşdu: – Şendrikovçular bir iş görmədilərmi? Hacı: – Onlar da tətildə iştirak edirlər, — dedi, — bunsuz da olmazdı, yoxsa fəhlələr onların ətrafından çəkilərdilər. Mən Levi də bura çağırmışam. Çayı tez qurtarmaq lazımdır. – Çaya çağırsaydın yaxşı olmazdımı? – Tez gələrsə, zərəri yoxdur! – Əyni-başı təmizdirmi? Adam yanında özünü apara bilərmi? – İntelligentdir, centilmendir. Telefonun zəngi səsləndi. Hacı sözünü yarımçıq qoyub dəstəyi götürdü, əlinin titrəməsindən, rənginin ağarmasından qorxulu bir xəbər aldığı görünürdü. Dəstəyi yerə qoydu, adəti üzrə başının təpəsini sığalladı və sözünü çox təəssüfedici bir halda başladı: – Dəyirman da tətil etmişdir; fabrikdəki iranlılar da tətilə qoşulmuşlar. Hələ paroxodlarda nə olduğundan xəbərim yoxdur. Heç şübhə yoxdur ki, bu xəstəlik hər tərəfə sirayət eləyəcəkdir. Hacı sözünü qurtarmamışdı ki, Levin gəldiyini xəbər verdilər. Xanım getdi. Lev çay içə-içə sözə başladı. – Bəli, Hacı, necə ki, sizə ərz etmişdim, elə də oldu. Hacı soruşdu: – Tətilin başında duranlar kimlərdir? Hansı firqələrdir? – Bolşeviklər, menşeviklər, daşnaqlar və hinçokistlərdir. – Daşnaqlar bizə söz vermişlər. Tətildə axıra qədər iştirak edə bilməyəcəklər. – Elədir, Hacı. Onlar təmiz adamdırlar, onları bolşeviklərlə müqayisə etmək olmaz. Onlar öz adamlarını qandırmağı bacarırlar. – Eserlər nə fikirdədirlər? – Onlar azdırlar. Əhəmiyyətləri yoxdur. – Bu tətilin tələbləri nədir? – Tələblərin surətini yazıb gətirmişəm. Lev qoynundan bir kağız çıxarıb oxudu. Tələblər on üç maddədən ibarət idi: Səkkiz saatlıq iş günü. Fasiləsiz işlərdə üç növbət üsulu. Ailəsizlərə bir, ailəlilərə iki otaq. Tibbi kömək müəssisə hesabına olmalıdır. Xəstələnənlər yarım günün maaşını almalıdırlar. Yayda buzlu və qaynanmış su olmalıdır. Fəhlə mənzillərindəki taxta çarpayı yerinə dəmir çarpayı olmalıdır. Maaşın sexlərdə paylanması məsələsi qaydaya salınmalıdır. Bir il işləmiş fəhlələrə müəssisə hesabına bir ay məzuniyyət verilməlidir. Fəhlə balalarından ötrü məktəb açılmalıdır. Ezamiyyə və yolxərci verilməsi qanunu qəbul edilməlidir. Fəhləni işdən çıxardıqda iki həftəlik maaş verilməsi və ya iki həftə qabaq o xəbərdar edilməlidir. Tətil günlərinin maaşı tamamilə verilməlidir. Hacı xırda gözlərini Levin ağzına dikib diqqətlə qulaq asırdı, Lev sözünü bitirdikdən sonra Hacı saqqalını əli ilə sığallayaraq: – Ola bilməz! — dedi. — Birinci maddə ilə on ikinci maddəni tamamilə oradan çıxarmalıdır. Doqquzuncu və on üçüncü maddəni heç eşitmək də istəmirəm. Altıncı maddə ilə üçüncü maddəyə gəldikdə, bunları bəlkə müəssisə sahiblərindən bəziləri boynuna götürdü. Dördüncü, səkkizinci, on birinci maddə isə fəhlələri yolundan azdırmaq və onlara təslim olmaq deməkdir. Bu maddələrin heç birisini cənab qubernatorun yanında oxumaq olmaz. Siz gərək bu tətillərin tələblərini özünüz düzəldəydiniz. Lev bir az düşündü, rəngi qızarmış və xəcalətli bir halda: – Hacı cənabları, doğru buyurursunuz, — dedi. Lakin tətil komitəsində iştirak edənləri razı salmaq mümkün deyildir. Xüsusən, bolşeviklərin tələbləri daha kəskindir. – Bolşeviklərdən kim iştirak edir? – Alyoşa Caparidze, Vanya Fioletov və Stepani. – Menşeviklərdən kimdir? – İlya, Taras, bir də mən. İlyanın ancaq adı vardır, özü iştirak etmir. – Erməni firqələrindən kimdir? – Tiqran Arutyunyans, David Ter-Danielyan, bir də Minas iştirak edirlər. Hacı tənqidedici bir surətdə dedi: – Görünür ki, komitədə qəti səsə malik deyilsiniz. Mən şəxsən sizə tərəfdaram, çünki siz ziyalı adamlarsınız. Sizinlə yola getmək mümkündür, menşevik tərbiyəsi hər bir fəhlə üçün lazımdır. Lakin oxuduğunuz tələblər fəhlələrin yoldan çıxarıldığını göstərir. Cənab Lev! Siz hələ uzun müddət fəhlələr arasında işləməlisiniz. Sizin içərinizdə ziyalı adamların çoxluğu bizə böyük ümidlər verir. Özünüz də ziyalısınız. Ziyalı adamla yola getmək və iş düzəltmək o qədər də çətin deyildir. Yenə də sizə deyirəm: çox işləməlisiniz! Ətrafınızdakıların sayını nə qiymətə olursa-olsun artırmalısınız. Sizin bolşeviklərlə olan mübarizə üsullarınızdan xəbərim yoxdur. Mənə qalırsa, birinci növbədə bolşevik natiqlərini mədənlərdən qovmağa çalışmalısınız; bu da nə döymək, nə də söyməklə mümkündür. Siz onları avam fəhlələrin nəzərində ləkələndirməlisiniz, onları pis adamlar kimi göstərməlisiniz, böhtanlarla və başqa yollarla onları fəhlələr arasında nüfuzdan salmalısınız. Bu barədə hər nə qədər pul lazım olursa, vermək mümkündür. Mən bütün Bakı varlıları tərəfindən sizə söz verirəm. Özüm də birinci kömək olmaq üçün pul ayırıram. Bu barədə qubernator cənabları ilə danışmışam, yenə də danışaram. Cənab qubernator sizdən arxayındır. Əyri yolda işləmədiyinizi də bilir. Siz özünüz də çalışın ki, cənab qubernatorun sizin haqqınızda olan bu fikri get-gedə möhkəmlənsin. Sizə bir də tapşırıram: tətildə yaxşı iştirak etməlisiniz. Tətilin içinə soxulmadıqca ona təsir edə bilməzsiniz, onu yıxa bilməzsiniz. Hacı danışdıqca, Lev çay içir, yağlı çörəkləri ötürürdü. Hacının cavablarını bəzən ağzı yeməklə dolu ikən verirdi. «Böyük» və «lazımi» tapşırıqlardan sonra Hacı paket içərisindəki pul çekini Levin qabağına qoydu. Lev razılıq verib getdi. Hacı böyük salonda toplananların yanına keçməli idi, qulluqçu iki dəfə gəlib onu çağırmışdı. Bu vaxt Jenya gəlib xanımın tapşırığını Mixaylovskiyə söylədi: – Möhtərəm cənab, xanım sizi kiçik salonda gözləyir. Mixaylovski: – Rica edirəm, məni siz aparınız, — dedi. * * * Mixaylovski kübarlara məxsus kiçik Şərq salonuna girdi; abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb Brokkauz Yefron tərəfindən nəşr edilmiş «Min bir gecə» romanını oxuyurdu. Xanım Mixaylovskini görüb güldü, əlindəki kitabı divanın böyründəki stolun üstünə atdı. Mixaylovski onun əlini sıxarkən kitaba baxıb güldü. Xanım onu eyni təbəssümlə qarşıladı. – Yenə Bağdadın sirli saraylarını öyrənməyə çalışırsınız! Xanım qaşlarını dartaraq, bir ah çəkdi. – Bəli, çalışıram! — dedi. — Mən bu qəfəsin şəklini dəyişmək istərdim. Bu barədə siz də mənə kömək etməlisiniz, çünki mənim bu qəfəsə düşməyimdə sizin də iştirakınız olmuşdur. – Mən həmişə xanımın xoşbəxt olmasına çalışmışam, yenə də əlimdən gələni etməyə hazıram. – Mən Bağdad sarayları ilə maraqlanıram. Mən elə bir saray və elə bir həyat düzəltmək istəyirəm. Mənə bu yolda həqiqi və əsas köməyi ancaq Şərq romanları verə bilər. Mən Şərq romanları və Şərq hekayələrini çox tez-tez oxuyuram. Bunları Hacı da sevir, mən ona bəzən bu romanları gecələr oxuyuram. Hacının özü də deyir ki, bu romanlar insanı həyəcana gətirən və gənclik duyğularını ona qaytaran romanlardır. Mixaylovski bu sözləri təsdiq edərək: – Doğrudur, xanım, — dedi, — bu barədə mən də Hacı ilə razılaşıram. O yaşda olan insanlar həmişə Şərq romanlarındakı qadınlar haqqında yazılan səhifələri oxumaqdan həzz alırlar. İnsan o kimi romanları oxuduqda unudulmuş gənclik duyğularını xatırlayır, gənclik nəşələrini qaytara bilir. Mən Şərq salonu və Şərq kübarlarına məxsus həyatın düzəlməsi işində sizə həqiqi kömək etməyi bacararam. Mənim kitabxanamda «Bağdad dünyası» adlı bir kitab vardır. Ərəbcədən almancaya tərcümə edilmişdir. Əsərdəki parçalar məşhur ərəb alimləri olan İbni-Əsir-Əbulfəda, İbni-Xəlkan, İbni-Xəldun və sairələri tərəfindən yazılmışdır. İnsan o kitabı əlinə götürdüyü zaman, doğrudan da özünü xəlifə Harunərrəşidin sarayında hiss edir. İnsan sanki «Bağdad gecəsi» poemasını eşidir. Mən o kitabın zəngin vərəqlərini çevirirkən nələri görmürəm! Gah Dəlileyi-möhtalə adlı Bağdad qarısının, tacirin arvadını aldadıb həkimə aparmaq bəhanəsi ilə bir Bağdad varlısı ilə görüşdürdüyünü oxuyuram, gah da Harunərrəşidin bacısı Abbasə xanımın Cəfərlə gizlin görüşlərini və bu görüşlər nəticəsində yenə iki oğlan doğduğunu xatırlayıram. Haman kitabda ən oxumalı və ən maraqlanmalı şeylərdən biri də «Harunərrəşidin hovuzu» adlı qəribə bir hekayədir. Xanım tələsik soruşdu: – O hovuz necə hovuz idi? Onu burada düzəltmək olmazmı? – Xeyr, olmaz. – Nə üçün? – Çünki siz ona razı olmazsınız. Harunərrəşid iki yüzə qədər qızı haman hovuza doldurub özü də nazik pərdənin dalından onlara tamaşa eylərdi. – Bunu mən istəmirəm! Mixaylovski yenə kitabdan aldığı nəşələr haqqında danışmağa başladı: – Mənim o kitabda sevdiyim ən maraqlı şeylərdən birisi də qara qul ilə tacirin arvadı məsələsidir. Burada zəngin, lakin qoca tacirin arvadının qara qula aşiq olması hekayəsini hər bir ziyalı qadın sevə-sevə oxuya bilər. Olduqca aşiqanə və ləzzətli hekayədir. Orada bir Seyidə Şəmsə nağılı da vardır. Onu oxumağı sizə məsləhət görürəm. Doğrudan da qadın elə olmalıdır. O qadın kişiləri öz kölgəsində ağlada-ağlada dolandıran bir qadın idi. Nə cür olur-olsun, onu siz oxumalısınız. «Mavi gözlü Zərgə» hekayəsi qadının kişisini aldatması işində ən birinci köməkçi hekayələrdəndir. Xanım bu sözdə Mixaylovskinin əlini tutaraq: – Əziz müəllim, — dedi, — sabah həmin kitabı mənə gətirməsəniz, daha nə bilim!.. – Şübhəsiz gətirəcəyəm! Hələ qulaq veriniz: həmin kitabda Məmün xəlifənin öz sevgilisi Üreyb xanıma yazdığı sevgi məktublarını oxumaq və onun verdiyi cavablara diqqət vermək sizin kimi kübar qadınlar üçün qiymətli bir dərsdir. Mütəvəkkil xəlifənin sarayında yaşayan Sabihə xanımın sərgüzəşti kişilərin qadınlardan nə kimi ləzzətlər almağa haqlı olduğunu çox gözəl göstərir. Mənim o kitabım çox qiymətli kitabdır. Oradakı hekayələrdən birisi də, Əbülhəsən tacirin arvadı Qəzib xanımın öz ərindən yazdığı şikayətnaməsidir. Qadın bu şikayətnaməsini aparıb xəlifə Harunərrəşidə oxuyur, nəticədə sevmədiyi ərindən xilas olur. Xanım stolun üstündən «Min bir gecə» kitabını götürüb dedi: – Mən bu saat qəribə bir hekayə oxuyurdum. – Hansı hekayədir? – «Zəni-həmtami», yəni hamamçının arvadı. Biləsiniz bu hekayə mənim nə qədər xoşuma gəlir. İki kərə oxumuşam. – Mən o hekayəyə təsadüf etməmişəm, gərək maraqlı olsun. – Qoyunuz mən onu sizə nağıl eləyim! – Çox şad olaram. – Hekayə belə başlayır: hamamçının arvadı olduqca gözəl idi. Yaşadığı məhəllədə ondan gözəl qadın yox idi. Əri çox çox da tamahkar idi. Bu arvad bir şahzadəni sevmişdi, şahzadə də bir könüldən min könülə ona aşiq olmuşdu. Bu yazıqlar bir-birləri ilə nə cür görüşəcəklərini heç bacarmırdılar. Axırda şahzadə bir nəfər qarı tapıb sözünü ona dedi, qarı da işin təhrini ona göstərdi. Şahzadə ikinci dəfə hamama gələndə hamamçının yanında oturub onun qulağına pıçıldadı: – Mən sizə öz dərdimi deyəcəyəm. Siz də mənə atalıq edib onun çarəsini deməlisiniz. Hamamçı şahzadənin bu sözünü eşidib, çox sevindi və dedi: – Mən çox şad oluram ki, cənab şahzadə kimi böyük bir adamın mənə işi düşübdür. Mən ümid edirəm ki, allahın köməkliyi ilə şahzadənin dərdinə çarə tapa biləcəyəm. İndi cənab şahzadə, buyurun görüm, mənə görə nə fərmayişiniz vardır? Şahzadə sanki utanırdı, həyəcanlı bir halda ona dedi: – Mən kişilikdən məhrum doğulmuşam. Siz bilirsiniz ki, mən evlənməmişəm də. Həkimlər nə qədər dərman verir və çalışırlarsa, mənim dərdimə dava olmur. İndi istəyirəm ki, bir kərə özümü sınayım. Amma bir kəsə dərdimi deyə bilmirəm. Bəlkə də siz bir nəfər Allah bəndəsi tapasınız ki, mən özümü sınaqdan keçirim. Amma bilirəm ki, mən kişi deyiləm. Bu barədə mənə kömək etməyi bacarsanız — sizə əlli qızıl verərəm. Hamamçı əlli qızıl adını eşidəndə bir az fikrə getdi, öz-özünə dedi: «İndi ki, bunun kişiliyi yoxdur, nə üçün də əlli qızılı bir başqasına versin, yaxşısı budur ki, gedib evdə məsələni arvada anladım, əlli qızılı da özümüz alaq. İki il hamam saxlasaq, yenə də əlli qızılı bir yerə yığa bilmərik». Hamamçı gəlib arvadına bu sözləri dedi. Arvad bir çox saxta tərəddüddən sonra razı oldu. Hamamçı şahzadəni evinə apardı, arvadı ilə bir otağa saldı, özü də qapının dalında durub kiçik oğlunu qucağında saxladı. Hamamçı qapının açar yerindən baxırdı. Şahzadənin kişi çıxdığını görüb arvadını səslədi: – Arvad, tez ol, uşaq ağlayır! Arvad içəridən dedi ki: – Şahzadəni təbrik etmək lazımdır. Xudavəndialəm ona şəfa vermişdir. Həkimlərin davası ona kömək eləmişdir. Mixaylovski güldü: – Bilirəm bununla nə demək istəyirsiniz... Bu söhbət gedirkən Jenya balaca stolun üstünə konyak və badam çörəkləri düzürdü. Xanım Mixaylovskiyə dedi: – Siz o kitabı mənə gətiriniz. Nə mən Zübeydə xatundan əskiyəm, nə də Hacı Harunərrəşiddən kasıbdır. Mən hər cür olsa Bağdad sarayını düzəldəcəyəm. Siz bu barədə bir smeta düzəldiniz. Pul barəsində fikriniz olmasın!.. * * * Hacının böyük salonu fabrik, zavod və neft sənaye sahibləri ilə dolmuşdu. Onlar ümumi tətilin başlanması münasibəti ilə vahid cəbhə düzəltmək və güzəştə getməmək barəsində düşünürdülər. Yerli burjuaziya Bakı proletariatına heç bir güzəştə getməmək üçün yenə də hökumətin mərhəmətinə sığınmaq istəyirdi. Bunun üçün də Bakı qubernatoruna bir ərizə vermək lazım gəlirdi. Ərizə yazıldı və oxunmağa başladı. «Yerli fabrik, zavod və mədən sahiblərindən, Həşəmətli Bakı qubernatoruna ərizə. Həşəmətli cənab! Bu ərizə ilə nəzərinizi dekabr tətilləri məsələsinə cəlb edirik. Sizə məlumdur ki, yerli fabrik-zavod və mədən sahibləri əcnəbi sənaye sahibləri ilə müqayisə edilə bilməz. Onların bir çoxu böyük sərmayəyə malik olan şirkətlərdir ki, dünyanın bir çox yerində fabrik, zavod, mədən və müəssisələri vardır. Onlar üçün güzəştə getmək, yaxud bir ölkədəki müəssisəni tamamilə ləğv etmək o qədər də ağır deyildir. Məsələn, Bakıdakı əcnəbi müəssisələri müştərək müqavilə bağlamaq tərəfdarıdır və fəhlələrə güzəştə getmək istəyir. Bu yerli sənaye sahibləri üçün heç mümkün deyildir, çünki əcnəbi kapitalistlər öz müəssisələrini böyük bir zərərə qarşı belə davam etdirib, müştərək müqaviləyə əməl edə bilərlər. Biz isə tamamilə başqa bir vəziyyətdəyik. Ola bilər ki, Bakı sənaye sahibləri bir neçə ay müddətində öz işlərini tamamilə dayandırmağa məcbur olsunlar. O zaman onlar bütün müəssisələri satıb müştərək müqavilə bağlayan ikinci tərəfə vermək məcburiyyətində qalacaqlar. Cənab qubernatorun özü çox gözəl bilir ki, yerli müəssisələrin sahibləri hələ indiyə qədər may və iyul tətillərinin vurduğu zərərin altından çıxa bilməmişlər. Biz indiyə qədər yenə də mərkəzi hökumətin köməyini gözləməkdəyik. Lakin başlanmış dekabr tətilləri yerli müəssisə sahiblərinin bütün ümidlərini qırdı. Biz ümid edirik ki, yerli hökumət qoşun gücü ilə də olsa, dekabr təhlükəsini dayandıracaq və yerli sənayeyə nicat verəcəkdir. Yerli sənaye sahibləri, böyük zərər çəkdiyinə baxmayaraq, yenə də tətillərin dayandırılması işində hökumətlə əlbir işləyəcək və maddi yardımdan belə boyun qaçırmayacaqdır». Musa Nağıyev «maddi yardım» sözünü eşidib boynunu uzatdı: – O sözü bir də oxu! — dedi. — Mən onu başa düşmədim. Necə yəni maddi yardım? Maddi yardım məsələsini bir az aydın oxuyaraq dedilər: – Cənab Ağa Musa! Maddi yardım, yəni pul yardımı! Ağa Musa əlini uzadıb ərizəni aldı. – Ərizə-zad lazım deyil! Qoy Hacı, «maddi yardım» sözünü öz adından yazsın. Rəhmətliyin oğlu, mən az qalıram ki, torba götürüb qapı-qapı dilənməyə gedim, bunlar da başlayıb ki, «maddi yardım»... * * * Texniklər məktəbində gizli iş Jenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi. Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu. Gimnaziyaya hazırlanmaq işlərinə Jenya özü də əhəmiyyət vermirdi. Onun başlıca fikri məktəbdəki tələbələrlə tanış olmaq, onların təşkil edilməsinə kömək etmək idi. Texniklər məktəbində oxuyan uşaqların çoxu sənətkar uşaqları olduğu üçün, Jenya bunların arasında işləməyi o qədər də çətin bir iş hesab etmirdi. O, Mixaylovski vasitəsilə gimnaziyanın direktoru Kutilevski ilə də tanış ola bildi və gimnaziyanın içərisinə girməyə müvəffəq oldu. Jenya gimnaziyada birinci olaraq müəllimlərdən Vasilyev ilə tanış oldu. Min nəfərdən artıq tələbə oxuyan bu gimnaziyada hələ indiyə qədər sosial-demokrat dərnəyi olmadığını Vasilyevdən öyrəndi. Jenyanın gimnaziyada aparmaq istədiyi işin tərəfdarı çox idi; lakin heç kəs bu fikri bayıra çıxara bilmirdi. Gimnaziyanın daxili vəziyyəti buna imkan vermirdi. İstər texniklər məktəbinin direktoru Mixaylovski, istərsə də gimnaziyanın direktoru Kutilevski baş jandarm idarəsi ilə əlaqədə olduğundan, bu iki müəssisənin içərisində çıngır çıxarmaq belə mümkün deyildi. Buna baxmayaraq, daşnakların və qismən eserlərin təşkilatı bu məktəblərin içərisinə yol tapa bilmişdi. Sosial-demokrat dərnəkləri düzəltmək üçün bir neçə kərə təşəbbüs edilmişdisə də, baş tutmamışdı; bu zamanlar Bakı komitəsi bütün vaxtını fəhlə rayonlarına verdiyi üçün, tələbələr və gənclər arasındakı iş zəif gedirdi. Jenyanın gimnaziyada və texniklər məktəbində iş aparmasına baxmayaraq, nə Mixaylovski, nə də Kutilevski ondan şübhələnmirdi. Onlar yeri gəldikcə, deyirdilər: «Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir». Jenyanın aparmaq istədiyi işə mühüm bir əngəl vardı ki, o da hər iki müəssisənin direktorunun onu sevməsi və bir-birləri ilə rəqabət aparması idi. Bunlar Jenyanı bir-birinə qısqanırdı. Bunun üçün də onu gözdən uzağa buraxmaq istəmirdilər. Hətta Mixaylovski son vaxtlarda Jenyanı gimnaziyaya getməyə, Kutilevski ilə görüşməyə qoymurdu. Kutilevski də qızın texniklər məktəbinin direktorunun iş otağında deyil, birbaş gimnaziyaya gedib orada hazırlanmasını təklif edirdi. Lakin Jenya bu müəssisələrin heç birisindən ayrılmaq istəmirdi; buna görə də hər iki direktoru əldə saxlamağı, onları qısqanclıqdan uzaqlaşdırmağı qərara almışdı. Direktorlar, yeri gəldikdə, bir-birinin pis hərəkətlərindən Jenyaya söhbət açır və öz rəqibini gözdən salmağa çalışırdı. Günlərin birində Jenya dərsə başlamadan Mixaylovski Kutilevski haqqında söhbət açdı: – Özü kimi murdar adam olmaz! Jenya soruşdu: – Kimi deyirsiniz? – Kutilevskini. – Onun murdarlığı harasındadır? – Əqidəsində. – Əqidəsində? – Bəli, əqidəsində. Mən çox yaxşı bilirəm ki, onun vicdanı ləkəlidir. – Bu çox məsuliyyətli sözdür. – Mən bu məsuliyyəti öhdəmə götürüb deyirəm ki, onun sosial-demokratlarla əlaqəsi vardır. – Nə qədər dəhşətli bir xəbər! Buna da imkan verilə bilərmi? – Hələ bununla da özünü cənab Hacıya və onun dostu cənab qubernatora tərəfdar göstərir. Siz onu tanımırsınız, çox murdar bir şəxsiyyətdir. – Doğrudan da murdar bir şəxsiyyət imiş. – Bunun üçün də istər sizin, istərsə də başqalarının ona qoşulması — özünü ləkələmək deməkdir. Hacı və onun xanımı bunu hiss etmiş olursa, həm sizin, həm də mənim üçün yaxşı olmaz. Onun namussuz olması barəsində hələlik bunu demək bəsdir. Jenya Mixaylovskinin sözlərini təsdiq edirdisə də, ürəyində onun nə demək istədiyini bilirdi; kimnaziya müəllimlərindən Vasilyev direktorun məşhur çar xəfiyyəsi olduğunu Jenyaya söyləmişdi. Jenya: – Mən sizdən yerdən göyə qədər razıyam. — dedi. — Yaxşı ki, siz o məlunu mənə tanıtdınız. Mən özüm də onun bəzi hərəkətlərindən razı qalmırdım. Sizin bütün buyurduqlarınız mənim üçün bir qanun olaraq qalacaqdır. Mən sizin nə qədər təmiz və vicdanlı bir zat olduğunuzu xanım və Hacı ilə olan dostluğunuzla ölçürəm, çünki nəcib, mədəni, ziyalı və eyni zamanda imperator tərəfdarı olmayan bir zatın Hacı kimi möhtərəm bir sima ilə tanış olması mümkün deyildir. Məni düşündürən başqa bir məsələ vardır ki, o da Kutilevski kimi murdar bir adamın Hacı ilə dost olmasıdır. Gəliniz biz həm Hacının namusunu, həm də hökumətin xeyrini müdafiə üçün işə başlayaq; Kutilevskini gözdən qoymayaq, onu lazımınca öyrənək. Doğrudan da sosial-demokratlarla əlaqəsi varsa, mən onu ifşa edib, cəzasını verdirərəm. Siz buna əmin olmalısınız! Bunu sizə deməkdən məqsədim var, siz məni Kutilevskiyə qısqanırsınız, bu tamamilə yersizdir. Siz əmin olun; qəlbim azaddır, onu ən nəcib, ən vicdanlı bir adama verəcəyəm. Mixaylovski yaşının çoxluğuna baxmayaraq, bir qız tərəfindən sevilən gənclər kimi nazlanaraq dedi: – Mən sizin, qəlbinizi verməyə hazırlandığınız o xoşbəxt zata həsəd aparıram. Siz o xoşbəxt zatı mənə nişan verməyəcəksinizmi? Rica edirəm söyləyin! Jenya: – Yox, — dedi, — bunu sizə söyləmək mümkün deyildir. Rica edirəm, bu cür sualları bir də mənə verməyəsiniz, xanım bu cür söhbətlər üçün mənə icazə verməmişdir. – Başqaları ilə icazə verməmişdirsə, mənimlə söhbət eləməyinizə icazə verər. Çünki mən xanımın bu günkü xoşbəxtliyinə səbəb olmuşam. Onun milyonlara sahib olmasında birinci rolu mən oynamışam. Mən sizin üçün də bu cür bir xoşbəxtlik hazırlamağa çalışıram. Bilmirəm, siz bundan razı qalacaqsınızmı? Jenya gülərək dedi: – İnsan dünyada xoşbəxtlik üçün yaşamırmı? Lakin bu hər kəsə qismət ola biləcək ucuz bir şey deyildir. – Siz onu bilməlisiniz ki, xoşbəxtlik sizə sizin öz kölgəniz qədər yaxındır. Lakin siz də, bir çox qızlar kimi, o xoşbəxtlikdən uzaqlaşmağa və səadətə nazlanmağa çalışmayın, səadət olduqca küsüçü və şıltaq bir şeydir. O, insandan çox tez uzaqlaşar, bir də geri qayıtmaz; o, nə insanın peşman olması, nə də yalvarması ilə hesablaşar. – Bu sözlərin heç birisinə etirazım yoxdur. Bəlkə də buyurduqlarınızın hamısı yerində söylənmişdir. Lakin mən sizin bu nəzəriyyənizə cavab verə bilməyəcəyəm və bu söhbətlərdə axıra qədər iştirak edə bilməyəcəyəm. Bunun da başlıca olaraq iki səbəbi vardır. – O səbəbləri mənə söyləyə bilməzsiniz? – O səbəblərdən birisi, mənim həyat fəlsəfəsi ilə sizin qədər tanış olmadığımdır. İkincisi, bu daha mühümdür, — xanımın mənə belə söhbətlər etmək üçün icazə verməməsidir. Xanım mənə ancaq burada imtahanlara hazırlanmaq icazəsini vermişdir. – Xanım buna icazə verərsə, o vaxt mənim bəzi suallarıma cavab verərmisiniz? – Verərəm! Xanımın hər sözü mənim üçün qanundur. – Siz xanımı sevirsiniz? – Həm sevirəm, həm də hörmət bəsləyirəm. – Mən sizi xanımın hörmətinə and verərsəm, bir sualıma cavab verərmisiniz? Jenya çar casusunun ürəyini bilirdi. Bir az düşündükdən sonra dedi: – Sualınızın cavabı mümkünsə, etirazım yoxdur. Mixaylovski bir şokolad sındırıb yarısını Jenyaya verdi, yarısını da özü ağzına qoydu, fikirli ayağa qalxdı, otaqda o baş-bu başa getdi. Jenyaya dedi: – Xanımın canına and verirəm, deyin görüm indiyə qədər siz birisini sevmisinizmi? Jenya utandı, lakin çar xəfiyyəsinin cavabını verdi: – Siz olduqca alim və mədəni bir zatsınız. Bununla bərabər indiyə qədər siz belə bir sualın qızlara verilə bilməməsinə diqqət verməmisiniz. Ürək hər kəsin qabağında açıla biləcək bir papiros qutusumudur? – Bunların hamısını bilirəm, lakin insanların çoxu öz bildiyini rəhbər tutaraq, yaşamağı bacarmaz, mən də... Mixaylovski sözünü tamamlaya bilmədi. Oturub düşündü, sonra tez qalxıb otağı gəzindi və Jenyaya tərəf dönərək dedi: – Siz mənə doğrusunu söyləyəcəksinizmi? Jenya onu sualla qarşıladı: – Bəs siz nə üçün sözünüzü yarımçıq qoydunuz? – Deyə bilmədim. Utandım. – Nə üçün utanmaq! Siz yaşlı və mədəni bir zat, mənsə gənc bir talibə. Sizin öz talibənizlə danışmaqdan utanmağınızın nə mənası vardır? – Doğrudur, mən sizin kimi sevdiyinizi bilsəydim, sözümü heç də yarımçıq qoymazdım. – Zənnimcə mənim sevgim sizə heç də mane olmayacaqdır. – Yox, belə deyildir. Sizin başqasını sevməyinizin özü də maneələrin başlıcasıdır; mənim də qorxum ondandır. Ürəyə yol tapmaq sənətini öyrənmək mümkün olsaydı, mən tezlikcə onu öyrənər və sizin ürəyinizə yol tapardım. Jenya gülümsəyərək dedi: – Ürəyə yol tapmağın bir sənət olduğunu indəyə qədər bilmirsinizmi? – Yox. – Mən o sənəti sizə öyrətsəm, siz mənim dediklərimə əməl edərsinizmi? – Söz verirəm. Mən sizin sərəncamınızdayam. – İndi mənə qulaq asınız. Ürəyi gözdən oxumaq lazımdır. – Çox gözəl, bunu bildim. Siz buna qarşı məndən nə tələb edirsiniz? – Tələb edəcək cürətim yoxdur. Rica edəcəyəm. – Yerinə yetirməyə hazıram. – Siz, xanımın Hacıya necə ərə getdiyini, bu xoşbəxtliyə sizin necə səbəb olduğunuzu mənə təfsilatı ilə söyləyiniz. – Kiçik bir şərtin yerinə yetirilməsi ilə mən Hacının xanımla evlənməsinin heyrətli romanını sizə söyləyəcəyəm. – O şərt nədən ibarətdir? – Siz öz ürəyinizi mənə verəcəksiniz. – Xanımın icazəsindən sonra. – Zənnimcə, xanım buna icazə verər. Mən də özümü dünyanın ən xoşbəxt bir insanı hesab edərəm. – Bu sizi xoşbəxt edəcəksə, mən də xoşbəxtliyə mane olmaram. Sizə bu barədə səmimi söz verirəm, lakin mənim bir şərtim də vardır: siz o şərtlərin hamısına əməl etmək üçün mənə səmimi söz verməsəniz, mən də öz sözlərimin həyata keçirilməsi üçün səmimi söz verməyəcəyəm. – Deyin görüm, şərtiniz nədir? – Sevginin tələb etdiyi bütün hərəkətlər, ancaq xanımın icazəsi ilə və mənim hazırlanıb kimnaziyaya girdiyim gündən başlanmalıdır. O zamana qədər bu günkü vəziyyəti davam etdirməliyik. İndi məni təəccübləndirən bir cəhət vardır ki, onu sizdən soruşmaq istərdim. – Soruşun, hər bir şərtə razıyam! – Siz məni doğrudan da sevirsiniz, yoxsa bir ev xidmətçisi kimi mənimlə əylənmək istəyirsiniz? – Sevirəm! Ürəkdən sevirəm! Dəlicəsinə sevirəm! – Bu heç də inanılacaq bir şey deyildir. Mənim burada imtahanlara hazırlandığımın tarixi olduqca qısadır. Bu az müddətdə bir qızı bu dərəcədə səmimi sevmək mümkündürmü? – Az müddət deyil! Bu sevginin tarixi uzundur... bu sevgi siz xanımın yanına qulluqçu girən gündən başlanmışdır. Təəssüflər olsun ki, mən sizin qədər gənc deyiləm. – Bunda təəssüf ediləcək heç bir şey yoxdur. Zənnimcə yaşlı kişilərin ailəyə qarşı səmimiyyəti daha yüksəkdir. – Siz bunu təqdir edirsinizmi? Jenya utanmış kimi üzünü pəncərəyə çevirdi: – Bəli, təqdir edirəm, — dedi. Mixaylovski: – Sizin fikriniz xanımınızınkından dəfələrlə yüksəkdir. Xanımınız əvvəlcə belə bir fikirdə deyildi. O, Hacının sevgisini bir necə illərin əziyyətindən sonra qəbul edə bildi. Bu işdə hamıdan artıq mən əziyyət çəkdim və gözəl nəticələr də əldə elədim. Mən Hacının işini düzəltdim, Hacı da bunun əvəzində mənə atalıq elədi, məni xoşbəxtliyə çatdırdı. Hazırda mən qubernatorun sağ əli hesab olunuram. Hacı cənabının yanında da bir sözüm iki deyil. Mən indi Bakının mənsəb sahibləri içərisində, cənab qubernatordan sonra birinci adamlardan biri sayılıram. Mən çox arzu edərdim ki, əldə etdiyim bu səadətdən sizin də payınıza bir hissə düşəydi. Siz gələcək həyatın nemətlərini mənim vasitəmlə mənimsəmiş olsaydınız. Mən doğrusunu deyirəm. Sizi gördüyüm gündən bəri öz səadətimi sizinlə tamamlamaq qərarına gəlmişəm. Həmişə də bunun üzərində fikirləşirəm. Lakin bu fikirlər olduqca yorucudur. Bu ağırlığı ancaq sizin bir kəlmə sözünüz mənim üzərimdən götürə biləcəkdir. Mənim ölümdən əvvəl cənnət həyatı keçirməyimin başlıca vasitəsi siz ola bilərsiniz. Sonra, sizdən bir ricam da vardır, o da bundan ibarətdir: məni çox da yalvarmağa məcbur etməyiniz. Mixaylovski bunu söylədikdə Jenya gülərək: – Bunların heç birisi olmayacaq, — dedi, — lakin siz də mənim dediklərimə əməl etməlisiniz. Siz məni dərsi bitirənə qədər rahat buraxmış olsanız, mən sözümü geri götürməyəcəyəm. Sevgi tələblərini ifa etməklə dərslərin tələblərinə cavab vermək mümkün deyildir. Ümumiyyətlə təhsildə qızların sevgi işi ilə məşğul olması zərərlidir. Təhsilimi müvəffəqiyyətlə bitirməyim özü də sizin üçün bir şərəfdir; mən səviyyə cəhətincə sizə layiq bir qadın kimi hazırlanmalıyam. Mixaylovski bu sözlərin hamısına inandı, onun ürəyində heç bir şübhə qalmadı. – Sizə və sizin qədər əziz olan namusuma and içirəm ki, sizin iradəniz xaricində heç bir hərəkət etməyəcəyəm! İndi isə siz məni «sən» deyə çağırmalısınız, mən o sözdən də mənəvi ləzzət alacağam. – Yox! O vaxta hələ çox qalmışdır. Sizi «sən» deyə səsləmək ancaq həyatın şəkli dəyişdikdən sonra mümkündür. İndi siz Hacının xanımı nə yolla aldığını danışınız... – Hacının arvadı çoxdandı vəfat eləmişdi. O, hər kəsi də ala bilməzdi, özünə layiq bir qız axtarırdı. Xanım o zamanlar qız idi. Onun böyük bacısı Hacının oğlunda idi. Xanım öz bacısının yanına tez-tez gəlir, bəzən aylarla qalıb dərsə hazırlanırdı. Hacı qızı çox sevirdi, çünki xanım qızlığında təsvirə gəlməz bir gözəl idi. Bu sevgiyə iki maneə var idi: əvvələn Hacının gəlini, ikincisi də, xanım dağıstanlı bir gəncə nişanlanmışdı. Qızın atası və anası da buna razı deyildi. Lakin bu son maneəni Hacı özü həll elədi, çox da asanlıqla həll edə bildi. Xanımın atası Ərəblinski banklara borclu idi, veksellərin vaxtı keçirdi, banka girov qoyulmuş əmlakının hamısı əldən gedirdi. Hacı Ərəblinskinin banklara olan bütün borcunu verdi və mülkləri öz əlinə keçirdi. İş bununla bitmədi. Bu borclardan əlavə, Hacı qızın atasına onun qaytara biləcəyindən daha böyük miqdarda yeni borc verdi. O, yumşaldı, çünki bütün ailənin səadəti qızın Hacıya ərə getməsindən asılı idi. Hər şey öz yerində idi. Hacı nə oğlunun etirazına baxır, nə də gəlininin küsməsilə hesablaşırdı. Hacının fikri məsələni qıza nə cür qandırmaq və nə cür razı salmaq üzərində gedirdi. Bu sözü qıza açıq demək üçün heç kəsdə cürət yox idi. Jenya tələsik soruşdu: – Bəs sonra necə oldu? – Siz mənə söz veriniz ki, bunların heç birisini xanıma söyləməyəcəksiniz. – Buna vicdanımla söz verirəm. Bir də siz bunu bilməmiş olmazsınız, xanımla söhbət etməyə heç kəsin ixtiyarı yoxdur. Ev qulluqçuları ancaq onun suallarına cavab verdiyi zaman danışa bilər. Siz söhbətinizi davam etdiriniz. O barədə arxayın ola bilərsiniz. Mixaylovski sözünə davam etdi: – Sizin xanımınız, dərs barəsində olduqca tənbəl və qabiliyyətsiz idi. İmtahanların heç birisini lazımi qədər verə bilmirdi. Aldığı qiymətlərin hamısı pul və gözəllik müqabilində olurdu. Bacısı, ata-anası onun yaxşı hazırlanması uğrunda əllərindən gələn qədər əmək sərf edirdilər. Mən də, Kutilevski də xanımın hazırlanması uğrunda olmayan zəhmətlər çəkirdik. Buna baxmayaraq, xanım yenə də səhlənkarlıq, tənbəllik və soyuqqanlılıq göstərirdi. Xanımın başlıca məşğuliyyəti nişanlısından gələn məktublara cavab yazmaq idi. O, bəzən nişanlısına gündə üç, bəlkə dörd məktub yazardı, gündə də başqa-başqa hallarda çəkilmiş bir necə şəklini paketə qoyub nişanlısına göndərərdi. Mən də, Kutilevski, xanımın xatirinə toxunmamaq üçün, onun oxuması barəsində bacısına yalan məlumat verməkdən yorulmuşduq. Buna görə də xanım bizim xatirimizi həddindən artıq istəyirdi. Xanım xüsusən mənə çox yaxın idi. Bəzən başqalarına deyə bilmədiyi dərdini mənə söyləyirdi. Mən onun atasının vəziyyətini çox yaxşı bilirdim. O, varidatı dağılmış bir mülkədar idi. Buna baxmayaraq xanımın redikülündə bəzən min, bəlkə bir az da artıq pul olurdu. Pul xərc etməkdə qənaət nədi — bilməzdi. Hər dəyərsiz şeyi dəyərli qiymətə alardı. Mən onda bu qədər pulu görürkən həmişə şübhələnirdim; yəqin edirdim ki, Hacı xanımın cib xərcliyi üçün həddindən artıq pul buraxır. Nəhayət, bir gün Hacı məni axşam çayına çağırdı. Mən axşam saat yeddidə Hacı Zeynalabdın Tağıyevin evinə getdim. İçəri girməyimə heç kəs mane olmadı — əlimdə çağırış kağızı var idi. Yuxarı qalxıb böyük salonun qabağında durdum, qulluqçular vasitəsilə Hacıya sifariş göndərdim. O, məni iş otağına çağırtdırdı. İçəri girəndə orada «Kaspi» mətbəəsi müdirini və Bakıda məşhur gəmi sahiblərindən Rəsulovu gördüm. Hacı məni görən kimi: – Xoş gəlib, səfa gətirmisiniz! — dedi. — Cənab müəllim, əyləşin. Sizinlə çox uzun, çox da mühüm bir söhbətim vardır. Bununla Hacı yanında olanların getməsi üçün siqnal verdi. Otaqdakılar vidalaşıb getdilər. Bir Hacı, bir də mən qaldıq. İçəri girməyə heç kəsə icazə verilməmişdi. Yalnız zəngi vuranda çay verən qız içəri girirdi. Hacı sözünü bu cür başladı: – Mən kiçik xanım haqqında bəzi məlumat əldə etmək üçün sizi öz yanıma çağırmışam. – Buyurun, — dedim, — hər nə məlumat lazımsa verə bilərəm. – Kiçik xanımın oxuması necə gedir? – Həqiqəti söyləmiş olursam, onun dərsə heç bir marağı yoxdur. – Nə üçün? Bunun səbəbini bilmirsinizmi? – Əvvələn, o çox gəncdir. Həm də çox varlıdır. Bunun üçün də təhsil almağa həvəsi yoxdur. Müəyyən ixtisas əldə etmək üçün ali təhsil ilə maraqlananların çoxusu gələcəkdə özünü təmin eləmək istəyənlərdir. Kiçik xanımın isə gələcəyi təmin edilmişdir. Mən uzun illərdən bəri aldığım təcrübə nəticəsində deyə bilərəm ki, varlı ailələrdən ali təhsilə göndərilən uşaqların hamısı bu xasiyyətdədir. Xanımın dərslə maraqlanmamasının başlıca səbəblərindən birisi də onun təhsili bitirmədən nişanlanmasıdır. Dərs oxuyan qızların həyatında pis təsir bağışlayan cəhətlərdən birisi də budur! – Hazırda kiçik xanım nə işlə məşğuldur? – Onun işi hər gün nişanlısından bir necə məktub almaq və bir necə də cavab yazmaq, nişanlısının hər gün poçt vasitəsilə aldığı bir necə əksi əvəzində özünün müxtəlif əkslərini göndərməkdən ibarətdir. – Nişanlısını çox sevirmi? – Zənnimcə həddindən artıq sevir. Hacı azacıq fikrə getdi və: – Bunların hamısını bilirəm, — dedi. — Ancaq ürəyimdəkiləri sizə söyləməkdən bir fayda olub-olmayacağını bilmirəm. – Mənim əlimdən hər nə gəlirsə, əsirgəməyəcəyəm, — dedim. — Zənnimcə Hacı cənablarının özü də mənim nə qədər səmimi adam olduğumu bilməmiş deyildir. Hacının fikrinin həyata keçirilməsi üçün hər bir əmrə hazıram. Hacı əsas fikrini demək üçün çox düşündü. Aydın görünürdü ki, bu fikri deməkdə çətinlik çəkir. Sözünü çox qısa dedi: – Siz o qızı dəyişməlisiniz. Bu, müəllimlər üçün çox da çətin deyildir. Onlar təzə insan yaratmağı bacarırlar. Mən Hacının bu sözlərdən nə kimi məqsəd daşıdığını bilmirdim. Yaşlı bir kişinin gənc bir qızla evlənmək istəməsini heç də xəyalıma gətirmirdim. Buna görə də Hacıdan soruşdum: – Cənab Hacı, məqsədinizi bir az aydınlaşdırın, mən kiçik xanımı nə mənada dəyişdirməliyəm? – Siz onu boş vaxtlarında danışdırmalı, bir adama ərə getməyə razı olub-olmadığını bilməlisiniz. Bu sizin üçün mümkündürmü? – Bu fikri soruşmaq üçün bir maneə yoxdur. – Bu doğrudur. Lakin soruşulan fikrin cavabında müsbət nəticə əldə etmək üçün çalışmalısınız. Bunun üçün də lazımi hazırlıq görməlisiniz. – Hərgah bu xidməti Hacı cənablarının özü üçün görməliyəmsə, o vaxt bütün varlığımla çalışmağa söz verirəm! – Bu xidməti, bəli, mənim üçün görəcəksiniz, şəxsən mənim üçün! İndi məsələ aydınlaşdımı? – Bəli, aydınlaşdı. Mən sizə söz verirəm. Bu iş üzərində işləyəcəyəm. Hacı əlini uzadıb stolun qutusundan bax bu saatı çıxarıb yanıma qoydu: – Bu kiçik bir hədiyyədir, — dedi, — böyük hədiyyəmi məsələ həll olunduqdan sonra alacaqsınız! Söhbət bununla qurtardı. Çay içərkən başqa söhbətlərlə məşğul olduq. Saat onun yarısında vidalaşıb getdim. Günün birində, xanım yenə də üç məktub gətirmişdi. O, həmin məktubların cavabını mənim yanımda yazırdı. Evdə yazmağdan utanırdı, bəzən bacısı da mane olurdu. Xanım bu məktubları oxuyub cavab yazmaq istəyəndə Hacının tapşırıqları yadıma düşdü. Mən xanımın nişanlandığı gənclə xoşbəxt bir ailə qura bilməyəcəyini bilirdim. Qız ikən milyonlar içində bəslənməsi onda pis vərdişlər əmələ gətirmişdi, onu kübarlar kimi yaşamaq fikri ilə xəstələndirmişdi. O, israfı, şıltaqlığı, istədiyini dərhal həyata keçirməyi sevirdi. Buna görə də az sərvətli dağıstanlı bir gəncin onu razı sala bilməyəcəyi şübhəsiz idi. Onlar ailə həyatının birinci dövründə ayrılacaq və bədbəxt olacaq idilər. Buna görə də mən həm xanımı, həm də onun nişanlandığı gənci gələcəyin fəlakətindən qurtarmaq üçün qızı Hacının milyonları ilə əlaqədar etmək istəyirdim. Xanım nişanlısından aldığı məktubların birisinə cavab yazıb paketə qoymaq istərkən, mən Hacının tapşırığını yerinə yetirmək üçün yol axtarırdım. Xanıma belə bir sual verdim: – Siz bu qədər məktub yazmaq üçün söz tapa bilirsinizmi? Xanım qonur gözləri ilə təəccüblə üzümə baxdı: – Mənim gündəlik həyatımın tarixi bir necə məktubda deyil, böyük bir kitab tutacaq qədər böyükdür. Mən aldığım məktubları və məktublara verdiyim cavabları bir kitab şəklində çap etdirəcəyəm. Bunlar böyük bir roman, olduqca maraqlı bir əsər kimidir. O romanı oxuyanlar mənim gənc həyatımın nə cür keçdiyinə ağlayacaqlar; həyatım olduqca qəmlidir. Cənab müəllim, mənim həyatım qızğın bir od alovları kimidir. Onun görünüşü nəşəli və səfalıdır, lakin içi yandırıcıdır. – Nə üçün? – Orada yemək var, içmək var, pul sərf etmək var, lakin xoşbəxt həyat adına heç bir şey yoxdur, — deyib başını aşağı saldı və ayaqlarına baxmağa başladı. Mən təəccüblə: – Bu sözlərə inana bilmərəm, — dedim. Mən onun ağladığını gördüm. Göz yaşları damcı-damcı qabağındakı məktubun üstünə düşürdü. Loriganlı yaylığını redikülündən çıxarıb gözlərini sildi. Mən isə ona təsəlli verməyə çalışırdım, həm də bu kədərin səbəbi ilə maraqlanırdım, onun milyonçu evindəki həyatdan narazı qaldığına səbəb nə ola bilərdi? Xanım əvvəlcə ağlamasının səbəbini məndən gizlətməyə çalışdı, nəhayət, mənə qarşı bəslədiyi yüksək hörmət məsələnin aydınlaşmasına səbəb oldu. Xanım heç kəsə aça bilmədiyi qəlbini mənə açdı. Bir necə dəqiqə içini çəkəndən sonra sözünü demək istədisə də, boğazı tutuldu; özünü ələ almaq üçün dərindən nəfəs aldı, dilini çıxarıb dodaqlarını islatdı, nəhayət, böyük bir həyəcanla sözə başladı: – Bacım ilə olan əlaqəm tamamilə gərkinləşmişdir. Orada yaşamaq heç mümkün deyildir. – Nə üçün? Buna heç inanmaq olurmu? Bacınız ki, sizin təhsiliniz üçün hamıdan artıq əlləşir. – Onda, alçaq və mənasız bir düşüncənin təsiri ilə mənə qarşı qəti bir dönüş əmələ gəlmişdir. O, məni görmək istəmir, səhər çayında, naharda, axşam yeməyində mənə qarşı çəkilməz bir etinasızlıq göstərir. – Bunun bir səbəbi yoxdurmu? Madam ki, onun düşüncələri yersiz və mənasızdır, iki bacı kimi oturub danışa bilmirsinizmi? – Yox! Qısqanclıq elə bir şeydir ki, onu məhv etmək üçün ürəyi kəsib atmaq lazımdır. O qısqanır. Bu pis əlaqənin də səbəbi budur. Mən bu qısqanclığın səbəbini bilirdim; buna baxmayaraq, özümü bilməməzliyə vurub soruşdum: – O sizi öz ərinəmi qısqanır? – Yox! Ərinə qısqansa bunun yenə də bir mənası olardı. O, məni Hacıya qısqanır; çünki Hacı mənim ehtiyacımın ödənilməsinin qeydinə hamıdan artıq qalır; şübhəsiz ki, bu da atam ilə olan dostluğu və özünün alicənablığı sayəsindədir. Bunun üçün də bacım məni görmək istəmir. Məni Hacı ilə danışan görəndə məni pis-pis sözlərlə söyür, ya da danlayır. Bu gün yenə söyüşdük, işimiz ən çıxılmaz bir nöqtəyə çatmışdır. Buna görə də tamamilə buradan yığışıb Dağıstana getmək qərarına gəlmişəm. Mən bilirəm ki, bacım ilə heç bir vaxt düzəlişə bilməyəcəyəm. Mən Hacının fikirlərini həyata keçirmək üçün bundan da əlverişli bir yol tapa bilməzdim. – Mən sizdən bir söz soruşacağam, onun doğrusunu söyləyə bilərsinizmi? Hərgah bunun doğrusunu söyləməsəniz, sizə verdiyim məsləhətlər faydasız qalacaqdır. – Anamın canına and içirəm, doğrusunu söyləyəcəyəm. Mənim sizə həm hörmətim, həm də böyük bir etimadım vardır. – Çox gözəl, — dedim. — Mən sizin bu hörmət və etimadınızdan razıyam. İndisə deyin görüm, Hacının sizinlə olan əlaqəsi necə başlanmışdır? – Mən hələ Dərbənddən Bakıya gəldiyimin birinci həftəsində Hacı mənə: «Sən mənim qızım olacaqsan, səni bir də Dərbəndə buraxmayacağam, atana verməyəcəyəm, burada qalacaqsan», deyirdi. – Əlaqəniz bundan ibarətmidir? – Yox! O bir gün məktub oxumaq üçün məni öz kabinetinə çağırmışdı. O həmişə məktub oxumaq üçün bacımı çağırardı, o gün bacım evdə olmadığı üçün məni çağırmışdı. Mən içəri girib, salam verdim, stolun o biri tərəfində oturdum. Hacı öz yanındakı boş stulu göstərərək: «Gəl burda otur!» — dedi. Mən də durub orada oturdum. Məktubu oxuyarkən saçım bir az üzümə tökülmüşdü. Hacı əlini uzadıb tökülmüş saçlarımı üzümdən ayırdı, saçlarımdan öpdü. Bu birinci kərə idi. İkinci kərə çağırdı. Məni onda dizi üstündə oturtdu, bir ata kimi dodaqlarımdan, üzümdən öpdü. Bu hal davam edirdi. Bir gün bacımın yanında da o mənim saçlarımı sığalladı. Bacım bundan acıqlandı və buna imkan verməməyimi mənə tapşırdı. – Bacınız bu tapşırıqda haqlımı və ya haqsızmı idi? – Şübhəsiz ki, haqsızdı. Hacı yaş cəhətincə mənim atamdan da yeddi yaş böyükdür. Belə bir yaşda kişinin məni öpməsinə və saçlarımı sığallamasına başqa məna vermək haqsızlıq deyildirmi? – Əlbəttə ki, haqsızlıqdır, — dedim, — ancaq siz mənə deyin görüm, Hacı sizi tez-tez öpürdümü? – Bəli, hər gün bir necə kərə qucağına alır, dərslərimdən xəbər tutur, könlümün nə istədiyini soruşurdu. – O sizi bacınızın yanında da öpürdümü? – Yox, təklikdə öpürdü. – Hacı sizə pulu nə vasitə ilə verir? – Hacının bütün ailəsinin cib xərcliyi üçün müəyyən maaş vardır. O cümlədən mən də Hacıdan ayda iki kərə maaş alıram. – O sizə pulu özümü verir? – Yox, öz bankından almaq üçün çek verir. – Siz nə qədər alırsınız? – Əvvəlcə ayda əlli manat alırdım, sonralar get-gedə artdı. – Artmasının səbəbi nə oldu?! – Əlli manat görmədi, hər dəfə pul çeki yazdıqda «çatışırmı?» deyə soruşurdu; mən də «yox, çatmır» dedikdə, Hacı maaşın qədərini artırırdı. Son zamanlar mənim cib xərcliyim ayda iki yüz manata qədər qaldırılmışdı. Sonralar bu vəziyyət dəyişdi. Hacı məni hər zaman qucağına alıb məhəbbət göstərirkən, yazılı çekləri qabağıma qoyub deyirdi: – Götür, hansı birisini sevirsənsə, götür! – Siz də götürürdünüzmü? – Bəli, götürürdüm. – Çoxmu? – Yox! Beşyüzlük çeklərdən dörd kərə götürmüşəm. Bir kərə də minlik çek almışam. Qalanları yüz, iki yüz və üç yüzdən artıq olmamışdır. – Çox gözəl. Siz Hacının bu ehsanları haqqında nə kimi qərara gəlmisiniz? – Nə kimi qərara gələ bilərəm? Onun hədd-hesaba gəlməyən iltifatına mükafat olmaq üçün təşəkkürdən başqa nəyim vardır? Onun ehsanları və məhəbbəti həmişə mənim xatirimdə qalacaqdır. Onun ehsanları yalnız mənim haqqımda deyil, o bizim ailəmiz üçün də belədir. Hədsiz ehsanları vardır. – Bəlkə də o sizi sevir? Bu barədə bir şey hiss edirsinizmi? – Sevməyinə sevir, bir ata kimi sevir; bundan başqa bir şey ola bilməz. – Bunu siz yəqinliklə söyləyə bilərsinizmi? – Əlbəttə, söyləyə bilərəm. Çünki mən on səkkiz yaşında, o isə, altmış iki yaşındadır. O məni «qızım» deyə çağırır. – Siz doğrudan da onun qızısınızmı? – Yox! – Elə isə onun sizi «qızım» deyə çağırmasının heç bir mənası yoxdur. Yaşlı kişilər gənc qızlara birinci kərə yanaşmaq istədikdə, «qızım» deyə yanaşırlar. Jenya bərkdən gülüb dedi: – Siz nə üçün mənə əvvəlcə «qızım» demədiniz? Mixaylovski: – Sevginin bu üsulu şərqlilərə məxsusdur. Jenya Mixaylovskidən rica edərək: – Sözünüzü davam etdiriniz, — dedi. — Mən bu söhbətlərdən bir romanı dinləyən qədər ləzzət alıram. Mixaylovski yenə şokolad götürüb parçaladı, yarısını Jenyaya verdi, yarısını da öz ağzına qoydu, danışmağa başladı: – Mənim sözlərim xanıma çox təsir etdi, xeyli düşündü. Sonra rəngi qızarmış bir halda başını qaldırıb dedi: – Ürək örtülüdür, onu oxumaq olmaz. Doğrudan da Hacının mənə olan məhəbbəti ata məhəbbətinin mənasını vermir. Mənə elə gəlir ki, o məhəbbətin başqa mənası vardır. – Siz özünüz də bunu hiss edirsinizmi? – Edirəm. – O məhəbbətin başqa mənada olduğunu nə cür təyin edə bilərsiniz? – Əvvələn, o məni qucaqladıqda bir ata kimi deyil, bir qadını qucaqladığı kimi qucaqlayır və qolları arasında sıxır. – Daha? – O məni öpərkən, bütün bədəni titrəyir, dodaqları mənim üzümə dəydikdə ürəyinin döyüntülərini eşidirəm. Rəngi ağarır, tez-tez narzan içir, yenə də boynuma sarılır, mən onun əlindən qurtulub qaçıram, çünki dodaqlarıma çox əziyyət verir. Mən nəinki öz atamın, başqa ataların da öz qızlarına qarşı bu qədər sevgi bəslədiyini görməmişəm. – Mən elə zənn edirəm ki, Hacı sizi qızı kimi deyil, bir qadın kimi sevir. Hərgah belə olsa sizin fikriniz nədir? – Çıxıb gedərəm! Mən başqasına nişanlıyam. Nişanlım gəncdir, həm də məni çox sevir, onun sevgisini heç bir dövlətlə əvəz etmərəm! – O sizi Hacıdan çoxmu sevir? – Əlbəttə, çox sevir! Lakin Hacı çıxaran oyunlardan heç birisini çıxarmır. Bəlkə o bunu bacarmaz da. Yazdığı məktublar sevgisinin təmiz olduğunu göstərir. Onun məktublarında gözəl bir gələcəyin müjdələrini oxuyuram. Mən onun bir tükünü Hacının milyonlarına dəyişmərəm. Onu məndən yalnız bir əcəl ala bilər. Mən Hacını sevə bilmərəm. O qocadır, həm də bacımın qayınatasıdır. Hələlik Zaqafqaziyada və Dağıstanda bu cür hadisə olmamışdır. Doğrudan da Hacı belə bir fikirdə olsa, ona ağıllı adam demək olmaz. Atam və anam da bu cür uyğunsuz hərəkətə yol verməzlər. Atam bilirsinizmi nə cür adamdır?! Mən əsas məsələyə keçərək dedim: – İndi ki, məsələ bu yerə gəlib çıxdı, mən bütün məsələni açıb sizə demək istəyirəm. Hacı sizə vermək üçün mənə bir məktub da tapşırmışdır. Xanım həyəcanlı bir surətdə dedi: – Məktub? Verin baxım? Mən Hacının məktubunu ona verdim. Xanım məktubu oxuyarkən, mən onun dəli olacağından qorxdum, çünki həddindən artıq həyəcan göstərirdi. O, ağlamadı. Ancaq bir kərə: – Doğrudan da şərqlidir! — dedi. — İndi mən nə edə bilərəm? Bir daha o dağılmış evə, o cəhənnəmə qayıda bilərəmmi? Mən onu sakit edib dedim: – Siz yenə də mənə qulaq asın. Darıxmaq, tələsmək lazım deyil. Bu işin rusvayçılığa qədər qalxmaması üçün başqa cür tədbir gərəkdir. Bu tədbiri biz sizinlə bərabər həyata keçirməliyik. Xanım Hacının məktubunu mənim qabağıma atıb dedi: – Bu məktubu on səkkiz yaşında qıza yazan altmış iki yaşında qoca — dəlidir! Məktub «Sona xanım! Sənə əvvəlcə belə bir məktub yazmaq mümkün deyildi, çünki sən hələ uşaqlıq dövründən gənclik dövrünə keçməmişdin; sən dünyaya bir uşağın gözü ilə baxırdın. İndi isə sən on səkkiz yaşındasan. İndi dünyaya ağıl və düşüncənlə baxa bilərsən. Doğrudur, Sona xanım, mən indiyə qədər sənə «qızım» demişəm, lakin mən elə bilirəm ki, bu kəlmə səni həmişəlik xoşbəxt edə bilməyəcəkdir, sən o zaman bu milyonlardan bir hissə apara bilməyəcəksən; sən öz gələcəyini «qızım» kəlməsi ilə təmin edə bilməyəcəksən. Bu vəziyyət məni çoxdan bəri düşündürürdü; səni bu nemətlərdən məhrum etməmək üçün çarələr axtarırdım. Nəhayət mən, çox düşüncədən sonra, səni bu milyonların varisi qərara vermək istədim. Lakin sənin bacın buna razı deyildir. O, milyonların ikinci varisini görmək istəmir. Onun səni qısqanmasının da başlıca səbəbi budur! Sənin bacın, bu tükənməz və bitməz dövlətin üzərindəki hökmranlığına şərik ola biləcək ikinci bir şəxsi görə bilmir, bu da təbiidir. Bunların hamısını nəzərə almalısan. Sənin də, bütün ailənizin də səadəti hazırkı məktuba müsbət bir cavab verməkdən asılıdır. Mən sənin nişanlı olduğunu bilməmiş deyiləm. Mən haman oğlanı sevirəm, xatırını da möhtərəm sayıram. Lakin nə sən onu xoşbəxt edə biləcəksən, nə də o səni; ikiniz də bədbəxt olarsınız. O gəncin xoşbəxtliyi özünə bərabər bir qızla evlənməkdə, sənin səadətli gələcəyin isə mənim ağıllı sözlərimi diqqətli bir surətdə eşitməkdədir. Sən mənim məktubumun cavabını yazmaqda çox da tələsmə; qoy acığın sönsün, onda ki qəlbin sakit oldu, o zaman məktubumun cavabını yazarsan. Hacı Zeynalabdın Tağıyev». Mən Hacının on bir əlifdən ibarət olan imza ilə yazdığı məktubu oxuyub yerə qoydum və xanıma dedim: – İndi məsələ tamamilə aydınlaşdı. O, sizinlə evlənmək istəyir. Sizin hissiniz doğru imiş. Onu çox da gözəl tanıya bilmisiniz. İndi burada biz ikimiz də düşünməli və məsələnin böyüməsinə imkan verməməkdən ötrü işin qabağını almalıyıq. Xanım tələsik soruşdu: – Nə etməliyik? Mən dedim: – O heç vaxt sizlə evlənmək üçün zor göstərməyəcəkdir. Biz bu saat bu məktubun cavabını yazmalıyıq. O, bu məktubdan qabaq sizə vermək üçün mənə bir necə məktub da vermişdi. – Bəs onları mənə nə üçün vermədiniz? – Mən onları sizə verməkdən utandım. İndi isə məsələnin üstü açıldığı üçün bunu sizə dedim. Onların məzmunu bu məktubun mündəricəsi ilə bir idi. İndi götürünüz qələm və kağız, bu məktubun cavabını yazınız. Götürün, necə deyirəmsə, elə də yazmalısınız. – Mən necə yazım? Onun adını məktubda yazmaqdan da utanıram. – Adını yazmaq lazım deyil! — deyərək xanıma diktə etməyə başladım: «Möhtərəm cənab! Siz göndərdiyiniz bir çox məktublarla bərabər, son məktubunuzu da aldım. Mən çox təəssüf edirəm ki, bu günə qədər öz səhvimin nəticəsi olaraq, sizin sevgi hisslərinizə imkan vermişəm. Lakin nə qədər ki, vaxt keçməmişdir, həqiqəti yazmaq və sizi xəbərdar etmək lazımdır. Biz, bir-birimizə tay deyilik. Siz hər halda gedib öz tayınızı tapıb evləniniz! Bu məktub son məktubumdur. Rica edirəm ki, siz bir də bu cür məktubları yazmaqla məni rahatsız etməyəsiniz. Mən başqasına nişanlanmışam. Başqasının nişanlısına sevgi məktubları göndərmək isə böyük bir qəbahətdir. Bu qəbahət ziyalı adamlardan baş verməməlidir!» Xanım dediklərimi tamamilə yazıb mənim üzümə baxdı. – İndi də imza edərək mənə veriniz! — dedim. O, məktubun altında əlləri titrəyə-titrəyə «Sona xanım» kəlmələrini yazıb, mənə verdi. Jenya təəccüblə soruşdu: – Siz haman məktubu Hacı cənablarına verdinizmi? – Yox! O məktub Hacıya verilmək üçün yazılmamışdı. Mən haman məktubu paketə qoyub xanımın Dağıstandakı nişanlısına göndərdim. Bununla xanımın öz nişanlısı ilə əlaqəsi kəsildi. Hacının tapşırığını yerinə yetirdim. Doğrudan da Hacı buyuran kimi mən Sona xanımı dəyişdim. Hacının yanında uca bir hörmətə nail olmağımın səbəbi də budur. Jenya: – Doğrudan da siz bununla Hacı cənablarına böyük xidmət etmisiniz, — dedi. — Buna heç bir söz ola bilməz. Siz bununla xanıma nə kimi yaxşılıq etmiş oldunuz?! – Mən xanımı yoxsul bir tələbənin qəmkin evindən qurtarıb, milyonların içərisinə saldım. Əmin olun ki, sizi də xoşbəxt edəcəyəm. * * * Silahlı üsyan hazırlığı «Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür! ...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır». Zaqafqaziya Müttəfiq Komitəsi, 1905-ci ilin yanvarında, mütləqiyyətə qarşı silahlı hücum zəruriyyətini irəli sürərək yuxarıdakı şüarı buraxmışdı. Qafqaz Müttəfiq Komitəsi yorulmadan fəhlə və kəndliləri silahlı üsyana çağırırdı. «İnqilabın rəhbəri, onun bayraqdarı... inqilabın həqiqi ruhlandırıcısı — proletariatdır». «...İndi, proletariat inqilaba can atdığı bir zamanda, inqilaba şüurlu surətdə rəhbərlik etmək istədiyi bir halda, onun sinfi interesləri, onun üzərinə rəhbərlik həvalə etdiyi bir zamanda, proletar partiyasının vəzifəsi üsyan işini təşkil etmək və bununla proletariatın həqiqi rəhbərliyi üçün zəminəni möhkəmlətməkdir». Qafqaz müttəfiq partiya komitəsi buraxdığı intibahnaməsində deyirdi: «Partiyamızın bilavasitə vəzifəsi üsyan təşkil etməkdir... Yalnız bizim partiya üsyan təşkil etdiyi zaman və deməli, proletariat inqilabın həqiqi rəhbəri kimi çıxışda bulunduğu zaman, yalnız o zaman biz köhnə qaydaların darmadağın edilməsindən layiqincə istifadə edə bilərik; yalnız o zaman gələcək azad Rusiya möhkəmcəsinə bərkiyib sosialist həyatı, «adilanə» vəd edilmiş torpağa doğru özümüzə layiqli surətdə yol aça bilərik...» Qafqaz bolşeviklərinin Leninin rəhbərliyi ilə başlanmış çıxışları rus-yapon müharibəsində çar ordusunun məğlubiyyəti nəticəsində başını itirmiş və beşinci il inqilabı ərəfəsində durmuş çar mütləqiyyətini düşündürməyə və qudurğan təşəbbüs dalınca getməyə vadar etməkdə idi. Çar hökuməti Bakı fəhlələri arasında böyük bir həmrəylik olduğunu Bakıda baş vermiş iyul və dekabr tətillərində gördü. Hökumət, birinci növbədə fəhlələrin sinfi duyğularını zəhərləmək, onların həmrəyliyini pozmaq, bununla da Zaqafqaziyanı millətlər müharibəsinin səhnəsinə çevirməyi qərara almışdı. Zaqafqaziyada baş verəcək milli toqquşmalar bolşeviklərin silahlı üsyan məqsədlərini pozacaq və onları Ümumrusiya inqilabına qoşulmaqdan məhrum edəcəkdi. Çar hökuməti bu məqsədlə Bakı general-qubernatoru Nakaşidzeni Zaqafqaziya məsələsini həll etmək üçün Peterburqa çağırmışdı. Çar hökuməti fəhlələrin həmrəyliyini pozmaq, onları bolşeviklərin nüfuzu altından çıxarmaq üçün cürbəcür çarələr düşünmüşdü. Xəfiyyələri, menşevik şendrikovları səfərbərliyə alıb, bolşevik rəhbərliyinə qarşı müharibə açmışdı. Bolşeviklər tətillərin daha da davam etdirilməsini fəhlə hərəkatına bir zərbə kimi qiymətləndirərək, işə başlamağı məsləhət gördükləri zaman, menşeviklər bunun əleyhinə çıxırdılar. Menşeviklər tərəfindən İlya və Lev Şendrikovlar «Fəhlələr aylardan bəri tətil edirlər, indi onların işə başlaması xəyanətdir» deyərək bolşeviklərin rəhbərlərini tənqid etməyə, onları avam fəhlələrin nəzərində etibardan salmağa çalışırdılar. Bolşeviklər məsələnin iç üzünü lazımınca bildiklərindən hər yerdə təbliğat aparmaqla: «Tətilin bundan artıq davam etməsi burjuaziyanın əlinə silah verməkdir» deyirdilər. Doğrudan da tətil bir az davam etsə idi, fəhlələr tətil komitəsinin icazəsi olmadan işə başlayacaq, bununla da burjuaziyanın bütün təkliflərinə boyun əyəcək idilər. Menşevik başçıları ilə daşnak başçıları, hökumətin milli qırğınlar törətmək üçün zəminə hazırladığını bildikləri zaman bu fitnənin tez həyata keçirilməsinə çalışırdılar. Onlar bolşeviklərin silahlı üsyan şüarından istifadə edərək, nümayişlərin silahlı olması məsələsini meydana atdılar. Daşnak başçıları: «Biz heç vaxt fəhlə sinfinin burjuaziyaya boyun əyməsinə razı olmayacağıq. Qoy bolşeviklər bizim Yerevandan alacağımız silahlar gəlincəyə qədər dayansınlar, silahlar gəldikdən sonra burjuaziya bizim qarşımızda diz çökməyə məcbur olacaqdır...» deyirdilər. Bolşeviklər tərəfindən çağırılmış iclasda Şendrikov İlya ikinci kərə söz alıb danışdı, bolşeviklərin rəhbərlərini nüfuzdan salmaq istədi: – Hər vaxt sol xətti-hərəkət götürən bolşevik rəhbərləri nədənsə indi tamamilə sağlaşmışlar. Mən daşnakları tamamilə haqlı hesab edirəm. İlya Şendrikovun sözündən sonra Əsgər çıxış etdi: – Belə çıxışların siyasi mənasını biz çox gözəl bilirik! Biz bilirik ki, tətili davam etdirmək, burjuaziyanın əlinə silah vermək deməkdir. Hökumətin milli qırğın hazırlamaq istədiyi və buna zəminə aradığı bir zamanda, biz Bakıda silahlı nümayiş edilməsi məsələsini lazım bilmirik. Mən daşnaklara deyirəm, qoy menşeviklər də eşitsinlər: bu fikirlərin özü də mədənləri yandırmaq fikri kimi bir fitnəkarlıqdır. Biz deyirik ki, daşnakların və menşeviklərin bu fikri çar polisinin fikrindən əsla fərqli deyildir. Biz silahlı üsyanın lazım olduğunu, menşeviklərdən ayrıldığımız gündən bəri meydana atmışıq. Necə oldu ki, silahlı üsyan məsələsi üstündə bizdən ayrılan menşeviklər bu gün silahlı üsyan məsələsini meydana atırlar? Necə olur ki, bir necə gün bundan əvvəl tətili içəridən dağıtmaq üçün Bibiheybətin və Balaxanının bəzi geridə qalmış fəhlələrindən istifadə edən və burjuaziya ilə əlbir işləyən, burjuaziyanın örtülü paketlərini alan cənablar bu gün tətilin davam etdirilməsini tələb edirlər? Bu bizə aydındır! İndi fəhlələrin təşkilatını və onların həmrəyliyini pozmaq istəyən Bakı polisi tətili davam etdirməyə çalışır. Cənablar! Sizin silahlı üsyanınız müxtəlif millətlərdən ibarət olan Bakıda qubernator Nakaşidzenin istədiyi nəticələri verə bilər. Əsgərin çıxışı iclasda bir dönüş yaratdı, bu da mərkəzdən gəlmiş partiya nümayəndəsinin çıxışına səbəb oldu: – Mən Bakıya gələndən sonra, Bakıda gizli təşkilat içərisində daha bir gizli təşkilat olduğu qərarına gəldim. Mənim yaşadığım otelə iki nəfər gəlib məni soruşmuşdu. Onlarla görüşdükdə onlar özlərini Nobel qardaşları neft şirkətinin nümayəndələri adlandırdılar. Onlar mənə dedilər: – Sizin, Rus Sosial-Demokrat Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi olduğunuzu bilirik. Biz sizin partiyanız üçün otuz min manat verməyə hazırıq. Mən onlardan soruşdum: – Bu pulu siz nəyin müqabilində partiyaya verirsiniz? – Bunun müqabilində partiya dekabr tətillərini iki həftəyə qədər daha uzatmalıdır. Bu sözlər onların dediklərinin eynidir. Mən onlardan boyun qaçırmaqla, gizli təşkilatla heç bir əlaqəm olmadığını söylədim. Onlar vidalaşıb getdilər. Mən də həmin gün otelimi dəyişdim. Həmin adamlar yenə də gəlib məni tapdılar. Bu dəfə otuz min manat əvəzinə əlli min manat təklif etdilər. Mən yenə də boyun qaçırdım, Sosial-Demokrat Partiyası ilə əlaqəm olmadığını söylədim. Yoldaşlar, indi siz yaxşı fikirləşin! Mənim Sosial-Demokrat Partiyası nümayəndəsi olduğumu onlara kim xəbər vermişdir? Buna görə də biz, birinci növbədə öz sıralarımıza nəzər yetirməliyik. Ayrapet söz alıb daşnak partiyası başçılarına hücum etdi. Daşnak partiyasının keçmişini və hazırkı işini təsvir edərək dedi: – Mənim savadım burada daşnak və menşeviklər tərəfindən danışanların savadından çox-çox azdır. Mənim savadlanmalı olduğum vaxtların hamısı vışkalarda keçmişdir. Buna baxmayaraq, mən yaxşı-yamanı bir-birindən ayıra bilirəm, kimin nə məqsədlə danışdığını anlayıram. Yoldaşlar! Bakı fəhlələrinin başlıca tərkibi yerlilərdən, ermənilərdən, tatarlardan və iranlılardan ibarətdir. Bu göstərdiklərimin bəziləri milliyyət cəhətincə bir olsa da, dil və adət cəhətincə bir-birinə oxşamayan adamlardır. Bakı fəhlələrinin tərkibində olan iranlılar yerli proletariatın ən geridə qalanı və mədəniyyətsizdirlər. Bizim bəlamız burasındadır ki, İrandan işləməyə gələnlər özünü buradakı zəhmətə təhkim etmək istəməmişlər. Onlardan bir çoxu pul qazanmaq üçün Bakıya müvəqqəti gəldiyindən təşkilata qoşulmaq istəmir, qoşulsa da, tətil zamanlarında başqalarına baxmayıb, burjuaziyanın yağlı dillərinə aldanaraq tətili pozur və öz yoldaşlarına düşmən olur. Ermənilər, yerlilər, iranlılar və tatarlar arasında dini və milli ixtilaflar onların sinfi idrakının inkişaf etməsinə də mane olur ki, bu da onların arasında həmrəylik yaratmaq işində çətinlik törədir. Belə bir vəziyyətdə olan Bakı proletariatını təşkil etmək və onun mənfəəti üçün düzəltmək istədiyimiz həmrəyliyin nə qədər böyük zəhmətə başa gəlməsi də bəllidir. Yoldaşlar, hazırda o həmrəylik yaradılmışdır. Bakıda, kənd ilə əlaqəsini hələ kəsməmiş olan, kəndin adət və mövhumatını özü ilə bərabər şəhərə gətirən, hətta onu şəhərdə də davam etdirmək istəyən azərbaycanlı və erməni kəndliləri də böyük bir kütlə təşkil edirlər. Erməni kəndlilərinin Zaqafqaziyada nisbətən gözüaçıq olduğuna baxmayaraq, onların ümumi və sinfi hərəkatdan geridə qalması səbəbsiz deyildir. Mən burada daşnaklar və onların arxalandığı erməni burjuaziyası haqqında danışacağam, buna görə də erməni proletariatının inkişafına mane olan və onların sinfi idrakını dumanlandıran, onları proletariatın ümumi və siyasi hərəkatından ayıran səbəbləri göstərəcəyəm. Yoldaşlar! 70-ci ildən başlayaraq erməni əhalisinin, xüsusən ziyalılarının diqqət-nəzərini cəlb edən, Türkiyədəki «erməni məsələsi», Ermənistanın bərpa edilməsi məsələsi və bu yolda aparılan təbliğat olmuşdur. Bu məsələni ortaya atan və bu işdə fəaliyyət göstərən erməni milli təşkilatları — hinçakist və daşnaklar olmuşdur. Daşnak başçıları yerlərindən səsləndilər: – Bu məsələnin yeri deyil, bəsdir! Bizə tarix lazım deyil! Bu səsə qarşı erməni fəhlələrinin səsi eşidildi: – Qoyun danışsın! Qoyun erməni fəhlələri öz dost və düşmənini tanısın! Danış, yoldaş Ayrapet, danış! Ayrapet sözünə davam etdi: – Bunu qeyd etmək lazımdır ki, «erməni məsələsi» ətrafında yaradılmış olan bu təşkilatların Rusiyada, Zaqafqaziyada erməni yaşayan yerlərdə, Türkiyədə göstərdikləri fəaliyyət çox pis hallar törətmişdir. — Yenə də daşnaklar etiraz etdilər. Ayrapet əhəmiyyət verməyib sözünə davam etdi. — Bu təşkilatların başlıca təşkilatçıları Rusiya erməniləridir. Rusiya ermənilərinin arasında Türkiyə Ermənistanının azad edilməsi təbliğatından başqa, onlar bir qədər praktiki işlər də görürlər: məsələn, pul toplayır, Türkiyə Ermənistanına silah göndərir və adamlar yola salırlar. Bu təşkilatın Zaqafqaziyanın və Rusiyanın müxtəlif şəhərlərində komitələri və yardım komitələri də vardır. Erməni burjuaziyasının və erməni ziyalılarının arasında belə bir düşüncə yaranmışdı ki, guya erməni proletariatı Rusiyadan heç bir şey gözləməməlidir. Daşnak və hinçakist partiyası başçılarının fikrincə erməni proletariatının nicatı yalnız «Ermənistanın istiqlaliyyəti» nəticəsində yaradılacaqdır. Rusiyadakı qurtuluş səslərini və başlanmış olan fəhlə hərəkatının gurultularını hinçakist və daşnaklar anlamaq istəmirlər. «Rusiya erməni proletariatı üçün yabançıdır» — şüarını daşnaklar və onların həmməsləkləri hər yerdə yayır və müdafiə edirlər. Erməni «inqilabi» partiyasının erməni kəndli və proletariatına: «Türkiyə erməniləri tədricən kəsilib məhv edilir, onlar əzab çəkir, müstəqil Ermənistan vücuda gələrsə, orada səadətlər doğacaqdır», deməsi erməni xalqının bir çox hissəsini yoldan çıxartdı. Proletariat və əzilmiş kəndlilər öz əzab və zəhmətlərini unudub məfkurə ilə məşğul olmağa başladılar. Ümid və fəaliyyətlərini «qurtuluş» mənbəyi olacaq yeni Beytülmüqəddəsə sərf etdilər. Yoldaşlar! Bu hal erməni kəndli və proletariatına sinfi vəziyyətini düzgün düşünməyə imkan vermir, onu həqiqəti görməkdən məhrum edir. Təəssüf ediləcək bir şey vardır ki, erməni milli partiyaları bu həqiqəti anlamaq istəmirlər. Daşnaklar bu son günlərdəki hərəkətlə yenə də erməni fəhlə və kəndlilərini öz dallarınca aparmağa, Türkiyədə erməni xalqının başına gətirdikləri fəlakəti Zaqafqaziya ermənilərinin də başına gətirməyə hazırlaşırlar. Yoldaşlar! Onların Yerevandan silah gətirmələrindən və burada silahlı üsyan hazırlığından dəm vurmalarının mündəricəsi də keçmişdə törətdikləri işin davamıdır. Yoldaşlar! Daşnaklar Yerevandan silah gətirəcəklərindən və silahlı üsyan hazırladıqlarından dəm vururlar. Daşnakların köhnə fəsadçı olduqları məlumdur. Mən bunlar hazırladığı üsyanın proletariatın ideyaları uğrunda bir üsyan olacağına şübhə edirəm. Gözdə-qulaqda olmaq lazımdır. Yoldaşlar! Daşnaklar erməni burjuaziyasının əlində bir alətdirlər. Mən qorxuram ki, onlar erməni burjuaziyası ilə birlikdə fəsad törətsinlər. Odur ki, biz erməni fəhlələri daşnak başçılarına inanmırıq, onların dalınca getmək istəmirik. Biz Lenin yoldaş göstərən yolla gedirik və gedəcəyik də!.. Ayrapet sözünü daşnakların səs-küyü altında qurtardı: – Verdiyimiz tələblərin bir çoxunu burjuaziya qəbul etmişdir. Tətili davam etdirməyəcəyik, işə başlayacağıq. Yenə də fürsət ələ keçdikdə başqa tələblərimizin həyata keçirilməsi uğrunda çalışacağıq! * * * Erməni-müsəlman qırğınının zəminəsi Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı. Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi. Ziyafətdə bütün məsələlər erməni-müsəlman qırğınını düzəltmək məsələsini müzakirə üçün sabah Peterburqa yola düşəcək olan qubernator Nakaşidzenin şərəfinə qaldırılan qədəhlərin çinkiltiləri altında həll olunurdu. Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. Birinci yeri qoçu Hacı Aslan, Məmməd bəy və bu kimiləri tuturdu. Qubernatorun qapısında qarovulda duran pristavlar da bu gün Hacının süfrəsində oturub stəkan-stəkana vururdular. Hacı içirdi, lakin o, qoçu Hacı Aslanın yanında içə bilmədiyindən öz qədəhini narzan ilə doldurur, tostlara cavab verirdi. Hamının gözü qubernatorun və Hacının ağzında idi; lazımi sözlər bu iki zatın ağzından çıxacaq idi. Qubernatorun da gözləri Hacının və Hacı Aslanın qabağında duran narzan qədəhində idi; o, qədəhlər qaldırılırkən tostlarda qubernatorun gözlədiyi lazımi sözlər deyiləcəkdi. Hacı Aslan sol əlində narzan qədəhini tutub, sağ əlini Nalçikdən gətirmiş olduğu xəncərin dəstəsinə qoymuşdu. Kəblə İsrafil Hacıyev və başqaları döşlərini qabağa verib, dal ayaqları üstə oturan kiçik ev tulaları kimi kirpik qırpmadan qubernatorun üzünə baxırdılar. Hacı qubernatorun bu intizarını hamıdan əvvəl hiss elədi və buna görə də nitqə başladı: – Ağalar! Alicənab və möhtərəm qonaqlar! Günlərimiz çox tarixi günlərdir. Bu günkü vəziyyət hökumətə sadiq olan bütün müsəlman xalqından ötrü mühümdür. Bu gün, bizdən fədakarlıq tələb edir. Hacı Aslan əli ilə işarə edərək Hacını dayandırdı, xəncəri qabağa çəkib dedi: – Hacı və qubernator ağa öl desə — öləcəyəm, qal desə — qalacağam! Bu sözü deyib ayağa qalxdı, yenə oturdu. O, bığlarını eşir və tövşüyürdü; qubernatorun üzünə baxır, onun bu sözdən razı olub-olmadığını bilmək istəyirdi. Qubernator bunu hiss edincə Hacı Aslana dili ilə yox, başı ilə razılıq işarəsi verdi. Hacı da sözünə davam elədi: – Ağalar! Bizim qoşunumuz Çin məmləkətində xain yaponlar ilə vuruşur, biz onlara kömək verməliyik; hökumətimiz bizdən kömək gözləyir. Bu sözdə Hacı Aslan tab gətirə bilmədi, əlini aparıb adəti üzrə börkünü gözləri üstünə saldı, söz istədi. Ona heç kəs söz verməyə bilməzdi. Hacı Aslan tutqun bir səslə dedi: – Biz bu börkü başımıza isti-soyuqdan ötrü qoymamışıq, bu börkün altında olan baş da, başdır, balqabaq-zad deyil. Bəlkə bizi qubernator ağa tanımır, Hacının özü ki bizi çox yaxşı tanıyır. Hərgah hökumətə kömək lazımdırsa, bizə niyə xəbər vermir? — Hacı Aslan bunu deyərək qoynundan möhürtəsbehini çıxarıb, stolun üstünə qoydu, əlini şappıltı ilə onun üstünə vuraraq dedi: — Bu türbəti-Kərbəlaya and olsun ki, qubernator ağa buyurursa, mən sabahın özündə dəstəmi götürüb düz Çin məmləkətinə gedim, onda yaponlar da bilər ki, imperator adamsız deyil. Onun dalında bu cür oğlanlar durubdur. Sizin canınıza and olsun, o it uşağını toyuq darını dənləyən kimi bircə günün içərisində dənləyib qurtararam. Bakının aləmə qan ağladanlarının hamısı mənim əlimdədir: ramanalı Qurban öz dəstəsi ilə, Dursun nəvəsi Əkbər öz dəstəsi ilə, içərişəhərli Molla Qasım uşaqları da ki, əlimdə hazır. Səlimxanov Əsədbəy özü də ki, burada oturub, Şahkəldi nəvəsi Tağı, çəmbərəkəndli Sadıq, marojnaçı həmşəri Hüseyn, quş Məmmədhəsən, yuxarı məhəllədən Hacı Əbülhəsən kimi qəhrəman, Kəblə İsrafil Hacıyev ki, süfrədə əyləşib, balaxanılı Pəhləvan, suraxanılı Əlibəndə oğlanları, patron Ələbbas, Şıx Balayev, Zəfər Babayev, Hacı Zərbəli oğlanları, Danasatan oğlu Süleyman, Məhəmmədidən Əbdürrəzzaq, palton Abasqulu, novxanılı Hacı oğlu Məşədi, Səlim oğlu Soltan, hələ bir çoxları yadımdan çıxıb. Mən Məmməd bəydən çox təvəqqe edirəm ki, dediklərimin hamısını qubernator ağaya tərcümə etsin. O, Ftilbörkə gedəndə imperatora xəbər versin ki, onun bu cür adamları var; yapon nə köpək oğludur! Yaponda mənim adamlarım kimi adam haradan tapılar?! Hacı Aslan sözünü bitirdikdə Nakaşidze onu alqışladı. Hacı yenə də danışdı: – Bu süfrənin başında oturanlar yalnız öz tərəfindən deyil, bütün müsəlman xalqı tərəfindən də danışa bilərlər. Hər nə olursa-olsun, biz hökumətlə əlbir işləyəcəyik. Biz heç vaxt razı olmayacağıq ki, beş-on nəfər sosial-demokrat, adını bolşevik qoyub bizim hökumətimizin işinə qarışsın. Biz o cür dələduz adamların gərək tamam nəslini yer üzündən kəsək! Biz də hökumətə kömək verməyəcəyik, bəs kim verəcəkdir? Hacı Aslan yenə yerindən qalxıb danışmaq istədikdə, İsmayıl bəy Səfərəliyev onun ətəyindən dartıb saxlamaq istədi, qubernator bunu görüb, Hacı Aslana söz verdi. Hacı Aslan əlini döşünə döyə-döyə dedi: – Mən həqiqi rusların müsəlman qardaşıyam! Cənab qubernator özü bilir ki, mən və burada oturan cənab Ağabala Quliyev birinci dəfə həqiqi ruslar ittifaqına yazılmışıq. Hacı Aslanın sözü süfrə başında oturanlarda böyük şadlıq yaratdı; bu şadlığın təsiri altında qubernator Hacı Aslana dedi: – Sizdən çox razıyam! Lakin bunu da deməliyəm ki, sizə zəhmət verib, Yaponiya cəbhəsinə aparmaq lazım deyil. Sizin ixtiyarınızda olan igidlər bir gün bizə Bakıda lazım olacaqdır! Yedilər, içdilər, sonra qubernator Peterburqa getməsi barəsində məlumat verdi: – Mən Peterburqa səbəbsiz getmirəm. Mən mərkəzə hər nə məqsəd üçün getsəm və nə iş üçün çağırılsam, yenə də Hacı cənablarının simasında olaraq, müsəlman xalqına bəslədiyim səmimi ehtiram duyğuları ilə gedirəm. Mən az müddətin içərisində bu xalqı olduğu kimi tanıdım. Müsəlmanlar hökumət qanunlarına ehtiram bəsləyən, həqiqi rəiyyətlik əsasında olaraq hökumətə itaət göstərən bir xalqdır ki, onların bu xüsusiyyəti, məncə, dinlərinin nəcib və alicənab, sülh və səlaməti sevən bir din olması ilə əlaqədardır. Mən daxiliyyə nazirinə və Qafqaz valisinə göndərdiyim yazılı məruzələrdə də bunu qeyd etmişəm. Bunsuz da bizim böyük dövlət adamlarımızın sadiq müsəlman təbəələri haqqında müəyyən və müsbət qeydləri vardır. Şəxsən mənim özümün müsəlman xalqı barəsindəki qeydlərim xüsusi və birinci yeri tutur. Şübhəsizdir ki, Hacının və onun himayə etdiyi müsəlman xalqının barəsində olan səmimi hörmətim məni böyük bir təşəbbüsə məcbur eləmişdir; o da müsəlmanların milli əzəmətinə qarşı qoyula biləcək hər bir düşmən qüvvətlə mübarizə aparmaqdan ibarətdir. İmperator hökuməti öz müqəddəs siyasətini keçmişdə olduğu kimi davam etdirəcəkdir; o, Zaqafqaziyada kiçik mövqe tutan millətlərin, böyük millətlərə qarşı mövcud olan ədəbsizliyinə və üstünlük siyasəti aparmasına qarşı ciddi tədbirlər görəcəkdir. Biz heç vaxt Zaqafqaziyada bir millətin başqa bir milləti əzmək üçün düzəltdiyi gizlin təşkilata dözə bilməyəcəyik. Onları öz qüvvəmiz və hökumətə sadiq olan başqa bir millətin köməkliyi ilə əzib məhv edəcəyik. Ağalar! Bu günkü vəziyyət hamınıza məlumdur. İndiyə qədər Zaqafqaziyada belə bir vəziyyəti heç bir kəs görməmişdir. Xüsusən Bakıda səlahiyyətli bir mövqe tutan müsəlman xalqını müdhiş bir qorxu təqib edir. Bir tərəfdən bolşeviklər silahlı üsyana və şəhəri talamağa hazırlaşırlar, o biri tərəfdən daşnaklar Yerevandan silah gətirmək təşəbbüsündədirlər. Heç şübhə yoxdur ki, silah gətirildikdən sonra burada Lalayevlər və Ağamovlar dinc oturmayacaqlar. Bu çıxışların ikisində də zərər çəkən bədbəxt müsəlman xalqı olacaqdır, çünki, əvvələn, Bakı sərvətinin çoxusu müsəlmanların əlindədir. Onlar dinc və silahsız camaatdır. Lakin siz elə bilməyəsiniz ki, hökumət yatmışdır. Bu işlərin qabağını almaq üçün tədbirlər görülmüşdür... Mən sizi bu barədə arxayın edə bilərəm. Bizim bu barədə qəti qərarlarımız vardır. Mən bu səfərimdə daxiliyyə nazirinə məruzə etmək üçün çox dəyərli materiallar aparıram. Bu materiallar tamamilə Bakı xalqının həyatını təmin etmək üçün gördüyüm tədbirlərdən ibarətdir. Lakin əmrivaqe qarşısında qalmamaq üçün müsəlmanların da hazırlanması lazımdır. Bu barədə sizə nə kimi vasitələr lazım olursa, hamısını öz vaxtında verməyi öhdəmə götürürəm. Sizə səmimi söz verirəm. Biz inanırıq ki, mühüm günlərdə müsəlmanlar öz qəhrəmanlığını göstərər, öz milli şərəfini müdafiə edərlər. Buna baxmayaraq yenə də sizi müdafiə etmək tədbirlərini düşünmüşəm və bu barədə lazımi yerlərlə danışmışam. O ki, qaldı bolşeviklər... Hacı Aslan yerindən partladı. Artıq onu dayandırmaq mümkün deyildi: – Onlar da mənim əlimdə! Onları da bir gecənin içərisində dənləmək mənim işimdir. İsmayıl bəy onun ətəyindən dartıb oturtdu. Lakin o yenə qalxır, oturur, xoruzlanır, papağını qaşlarının üstünə salır, əlini xəncərinin dəstəsində oynadırdı. Qubernator sözünə davam etdi: – Bolşeviklər yalnız müsəlmanlar üçün deyil, hər millət üçün qorxuludur. Hamıdan artıq bizi düşündürən də budur! Bolşeviklər partiyası din və məzhəb daşıyan hər millətin düşmənidir. Onların dinə və məzhəbə aid olan nəzəriyyəsi tamamilə pis bir nəzəriyyədir. On səkkiz günlük dekabr tətillərini düzəldən bolşeviklərdir. Onlar müəssisə sahiblərinə zərər verdikləri kimi, fəhlələri də dilənçi halına gətirdilər. Siz bu məsələni də unutmayın ki, tətilin bir qədər də uzanması bolşeviklərin özü üçün də böyük zərbədir. Belə olduqda fəhlələr, özbaşına olaraq, müəssisə sahibləri ilə sazişə girəcək, işə başlayacaq və bununla da bolşeviklərin ətrafından dağılacaqlar. Siz, ağalar bunları nəzərə alaraq, ağıllı menşeviklərin xətti-hərəkətindən istifadə etməlisiniz. Bu saat onlar bolşevikləri nüfuzdan salmaq üçün tətilin bir az da uzanmasını təklif edirlər. Qubernator sözünü qurtardı. Hacı ilə bərabər süfrə başında olanların hamısı bir yerdə dedi: – Allah imperatorun kölgəsini bizim başımızdan əskik eləməsin! Bizim atamız yerində olan cənab qubernatoru bizə çox görməsin! Hamıdan sonra Hacı Aslan dedi: – Cənab qubernator ağa bizi çox da aciz bilməsin! İnşallah bu lələş sağ olarsa, cənab qubernator ağa biləcəkdir ki, dədələr nələr əkib və analar nələr doğubdur! Cənab qubernator ağa görəcəkdir ki, kasa altında bir nim kasa da var. Qubernator getməyə tələsirdi; bu gecə müsəlmanlarla danışdığı sözləri erməni dövlətlilərinə və erməni başçılarına — Lalayevlərə və Ağamovlara da danışmalı idi. Hamı getmişdi. Milyonçunun sarayı tamamilə səssizdi. Jenya öz otağında oturub bütün eşitdiklərini yazırdı. * * * Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı. Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı: – Götür yaz! — dedi. «Tətil edən fəhlələri fabrikin evlərindən bayıra tökdüyünüz üçün yerdən göyə qədər razıyam. Bu barədə olan zəhmətiniz əlavə olaraq təqdir olunacaqdır. Bu saatda fabrik müdirindən aldığım məlumata görə, fəhlələrdən bir çoxu külfətini götürüb məscid həyətlərində yerləşibdir. Onları məscid həyətlərindən də çıxarıb çölə atmaq üçün lazımi təşəbbüsdə bulunmalı». Xanım məktubu yazıb qurtardı, Paketə qoydu, polis müdirinə aparmaq üçün ev poçtuna verdi. Xanım və Hacı Mixaylovskini gözləyirdilər. Hava küləkli olduğu və qar yağdığı üçün o, vaxtında gələ bilməmişdi, buna görə də Hacı onu gözləmədən getdi. Hacı gedəndən çox sonra Mixaylovski gəldi və xanımın ürəyi şadlandı, çünki Mixaylovski hazır edilmiş tabloların bir çoxunu gətirmişdi. Divarlarla evin tavanı və döşəməsi bəzəndi. Bir saatın içərisində «Min bir gecə»nin bütün hekayələrini xanımın otağının divarlarında oxumaq mümkün idi. Xanım Mixaylovskinin Şərq salonuna aid layihəsini götürüb yoxladı, görülməyən işlər haqqında tapşırıq vermək üçün xatirat dəftərinə bəzi şeylər yazdı. Salon haqqındakı söhbətlər qurtardı. Mixaylovski xanıma dedi: – Salon haqqında düşünməyə ehtiyac yoxdur. Başqa şeylər də iki günə qədər düzələcəkdir. «Bağdad dünyası» adlı əsərin 27-ci səhifəsində, 11-ci sətirdə belə bir cümlə də vardır: «Zübeydə xatun, Harunərrəşid taxtının qiymətli bir cəvahiridir». İndi də biz düzəltdiyimiz Harunərrəşid sarayının qiymətli cəvahiri olan xanım haqqında çalışmalıyıq. Mən bu barədə xanımla bir neçə dərs keçməyə məcburam, çünki xanım, Zübeydə xatunu lazımınca tanımadan onu təmsil etməyi bacarmayacaqdır; buna görə də xanımın dərsləri üçün yüngül bir proqram hazırlamışam. Telefonun zəngi səsləndi; xanım dəstəyi götürüb danışdı, sonra da Mixaylovskiyə: – Polis müdiridir, — dedi, — tətilçilərin məscid həyətindən çıxarıb küçəyə, qarlar üstünə tökdürdüyünü xəbər verir. Mixaylovski portfelindən Hacının xanımına veriləcək dərsin proqramını çıxartdı. Xanım, hazırladığı Bağdad sarayında, Harunərrəşidin xanımı Zübeydə xatuna bənzəmək üçün altı dərs keçməli idi: Zübeydə xatunun paltarı. Zübeydə xatunun baxışı. Zübeydə xatunun gülüşləri. Zübeydə xatunun yerişi. Zübeydə xatunun nəşələri. Zübeydə xatunun küsməsi. Xanımın birinci dərsi üçün hazırlanan paltarı gətirdilər. Xanım saçlarını dalına töküb, alnına yaşıl bir lent bağladı. Brilyant düzülmüş badam şəkilli çıqqasını yaşıl lentin üstündən taxdı. İncə və əlvan ipəkdən güllər və çiçəklər tikilmiş yaşıl ipək donu geydi, qabaqdan ipək qaytanlarla bağladı. Ağ ipəkdən tikilmiş can köynəyinin bağlarını, topuqlarındakı qızıl düymələrlə düymələdi. Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərif-zərif səslənirdi; altına qızıl nal vurulmuş, almazlarla bəzənmiş bir çəkmə geydi. Xanım birinci, ikinci, üçüncü, dördüncü və beşinci dərsləri çox müvəffəqiyyətlə keçdi. Altıncı dərs çox mürəkkəb idi, bu dərsi bir neçə kərəyə keçməli idi. Xanım qalın məxmər döşəyin üstündə uzanmış, başını da hər iki tərəfindən qotazlar sallanmış zərrin yastığa qoymuşdu. İpək xalçanın üstündə qoyulmuş nargilə qəlyanın qəmişini ağzına alıb sümürürdü. Xanım qaşlarına çoxlu rəng çəkmişdi; sürməli gözlərini süzür və nazlanırdı. Mixaylovski onu qaldırıb yatırırkən telefonun zəngi çalındı... Xanım telefona gedib çox acıqlı qayıtdı: – Fabrikdəndir, — dedi. — Fabrikin işi də bizim üçün bir bəla olmuşdur... Hacı Məmməd deyir ki, suları kəsmişik, fabrikin mülkündə oturanların hamısı susuzluqdan yanır, Hacı xatircəm olsun. Mixaylovski: – Boş bir işdir, uzanınız görək! — dedi. İki nəfər gözəl qulluqçu qızın üzünü qaralayıb Həbəş qızı şəklinə saldı. Bunlar əllərini döşlərinə qoyub xanımın başı üstündə duracaqdılar. Xanımın sol tərəfində duran gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. Xanım qəlyanı çəkir; qəlyanın xorultusu salonun tavanında səslənirdi. İki qız da xanımın başı üstündə oturub tovus quşu qanadından qayrılmış yelpiklə onu yelpikləyirdi. Oğlan paltarı geymiş iki qız xanıma massaj edirdi. Birdən qapı açıldı, Hacı içəri girdi və bu vəziyyəti görüb özünü itirdi. Mixaylovski Hacının özündən çıxdığını görüb əl-ayağa düşdü. Nə edəcəyini, nə söyləyəcəyini bilmədi. Hamı susurdu. Xanım səssizliyi pozdu: – Müəllim, dərsinizə davam edin! Hacı da Mixaylovskiyə: – Cənab müəllim, — dedi, — siz mənim arvadımın uyğunsuz və yüngül hərəkətlərindən istifadə edib onu əyləncə şəklinə qoymayınız, rica edirəm, bəsdir! Hacı ətrafdakı şeyləri bir daha gözdən keçirdi, boğçadakı paltarı açıb baxdı. Bu paltarı Mixaylovski Hacı üçün hazırlamışdı. Hacı bu paltarı geyəndə Harunərrəşidə bənzəyəcəkdi, sonra da xanımla bərabər ətrafındakı on səkkiz nəfər gözəl qulluqçu ilə Şərq salonuna girəcəkdi. Hacı paltarları acıqlı bir surətdə götürüb atdı, xanıma acıqlı-acıqlı baxıb salondan çıxdı. Mixaylovski «Bağdad dünyası» adlı əsəri, xanımın dərs proqramlarını, hazır olmuş tabloların eskizlərini dərhal portfelinə qoyub getdi. Qəlyanın qəmişi xanımın ağzında, qara qulların əlləri döşündə, qızların əlləri yelpikdə, massajçının barmaqları xanımın bədənində, ud çalan qızların barmaqları isə ipək tellərdə donub qalmışdı. Xanım müəlliminin təhqir edilməsini, özünün təhqir edilməsi hesab etdi. Özünü döyməyə, əynindəki paltarını çırmağa, yanındakı qızları pis söyüşlərlə söyməyə başladı. Əlinə düşən şeyləri onların başına vurub dəli kimi qışqırırdı. Qulluqçular hara qaçacaqlarını və nə edəcəklərini bilmirdilər. Xanım ayağındakı qızıl nallı başmağı çıxarıb otağın aynalarını qırdı, dəli kimi otaqdan çıxıb getdi. Xanım yeddinci dərsini yataq otağında keçməyə qərar verdi. O, Mixaylovskinin, Zübeydə xatunun «küsməsi» barəsində verdiyi dərslərini xatırladı. Harunərrəşidin arvadı Zübeydə xatun xəlifəyə acıqlandığı hallarda qapısına bayır tərəfdən belə bir elan yapışdırardı: «Bu gün Ümmi-Cəfər xəstədir. Yanına heç kəsi buraxmayacaqdır. Bu qərar xəlifəyə də aiddir. Ümmi-Cəfər» Xanım belə bir elan yazıb öz yataq otağının qapısına bayır tərəfdən yapışdırdı; «Bu gün xanım xəstədir. Yanına heç kəsi buraxmayacaqdır. Bu qərar Hacının özünə də aiddir. Sona xanım». * * * İki direktor arasında Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi. Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi. Dərnəyin bu günkü məşğələsində dərnəyin orqanı olan «Qolos» jurnalının məqalələri oxunacaq və düzəldiləcəkdi. Tələbələr və Jenya hər gündə olduğu kimi çox ehtiyatlı dolanırdılar... Əvvəlcə imtahana lazım olan şeyləri hazırlayıb stolun üstünə qoydular, qapını içəridən kilidlədilər; sonra da jurnalın işinə başladılar. Jenya son məqaləni oxuyub qoynunda gizlətdiyi vaxt qapı vuruldu. Heç kəs özünü itirmədi. Dərhal Jenyanı imtahana hazırlamaq işinə keçdilər. Kutilevski içəri girib gülə-gülə soruşdu: – Bir qorxumu hiss edirsiniz? Gündüzdür, burada sizə kim əziyyət verəcəkdir? Jenya dedi: – Gündüz olduğuna baxmayaraq, gecələrin qorxulu adamları yenə də dərsimizin hazırlıq işlərinə əngəl törədə bilərlər. Kutilevski təəccüblə soruşdu: – Əngəl törədən kimdir? Bunu nə üçün mənə söyləməmisiniz? Jenya cavab verdi: – Bakı limanı rəisinin oğlu Devalev və onun yoldaşları həmişə bizim dərsimizə mane olurlar. Buna görə də qapını içəridən kilidlədim. Kutilevski: – Çox da gözəl iş görmüsünüz. Onun sizə mane olmaması üçün qəti tədbirlər görəcəyəm. — dedi. Jenya: – Sizdən çox razıyam. Doğrudan da siz mənim haqqımda hədd-hesaba gəlməyən səy göstərmisiniz, heç bilmirəm bu qədər yaxşılığın qabağında mən cənab direktora nə kimi qulluqla mükafat verə biləcəyəm, — dedi. Tələbələr kitablarını yığışdırıb getdilər. Kutilevski Jenyaya imtahana hazırlanmağa aid bəzi suallar verdi. Jenya verilən sualların cavabını müvəffəqiyyətli bir surətdə verdi. – Siz olduqca istedadlı bir qızsınız, lakin bəzi xırda nöqsanlarınızı yenə də davam etdirirsiniz ki, bu da sizin gələcəyiniz üçün olduqca zərərlidir. – Cənab direktor, nə kimi nöqsanlar demək istəyirsiniz? Kutilevskinin rəngi qızardı və utanaraq dedi: – Sizin nöqsanlarınız Mixaylovski kimi adamlara məhəbbət göstərməyinizdən ibarətdir. Madam ki, siz mənə söz vermişsiniz, o zaman Mixaylovskiyə bir yabançı kimi yanaşmalısınız. Keçən gün mən onun sizə «sən» dediyini eşitdim. Bununla sanki mənim qulağıma küllə vuruldu. Hələ sizin buna etiraz etməməyiniz də məni təəccübə gətirdi. Mən heç cür anlaya bilmirəm ki, onun kimi mənfur, pis əqidəli, murdar adamda nə görmüşsünüz? Özü yaşlı, xasiyyəti pis, yalançı. Buna baxmayaraq, sizin bir ayağınız yenə də texniklər məktəbindədir. Sizə and içirəm! Bu sözlərim qısqandığım üçün deyildir. Bu sözlərin özü də sizin imtahanlara hazırlanmaq proqramınıza aiddir, çünki bizim məktəblərdə əxlaq birinci yer tutur. Bunlar bir tərəfdə qalsın. Ailə qurmaq istədiyim namuslu bir qızın onun kimi namussuz və haramzada bir adamla oturub-durmasına nə cür baxa bilərəm? Bu, mənim kimi namuslu, təmiz əxlaqa malik olan adam üçün bir ləkə deyildirmi? Jenya gülümsəyərək ona qulaq asırdı. Kutilevski sözünü bitirdikdən sonra Jenya dedi: – Buyurduqlarınızın hamısı sizin öz nöqteyi-nəzərinizcə doğrudur. Lakin siz məni də gözəlcəsinə tanımalısınız. Mən sizə söz vermişəm, bu söz ikinci bir adama verilə bilməz! İndi ki, biz ailə düzəldəcəyik, gəliniz bu ailənin əsasını qısqanclıqlar üzərində qurmayaq, belə bir ailə uzun müddət davam edə bilməz. Gəliniz indidən başlayaq bir-birimizə inanaq, xırda işlərlə məşğul olmayaq. Bunların hamısından sonra biz hazırkı vəziyyətlə də hesablaşmalıyıq. Siz bilirsiniz ki, xanım məni Mixaylovskiyə tapşırmışdır. Siz bunu gözəlcəsinə anlayırsınız ki, onun bir sözü xanımın yanında iki deyildir. Mən bütün bu işləri nəzərə alıb özümü sizinlə bir yad kimi aparıram. Siz görürsünüz ki, mən nə qədər iradəli və öz tərəfimi saxlamaq işində də necə inadlı bir qızam. Siz görürsünüz ki, mən sizi sevdiyim, sizinlə ailə qurmaq istədiyim, sizə öz ismətimə məxsus namuskaranə söz verdiyim halda, əlinizin saçlarıma toxunmasına yol verməmişəm. Siz belə bir mətanətli qızın Mixaylovski kimi adamların ədəbsizliyinə imkan verəcəyinə inanırsınızmı? Söyləyin görüm o mənə nə edə bilər? Yenə də bilmək lazımdır ki, mənim ondan ani bir surətdə və hətta bir səbəb olmadan uzaqlaşmağım, bizim gələcək səadətimizi də qorxu altına ala bilər. Mən bunun üçün Mixaylovski ilə görüşməyə və onunla səmimi davranmağa məcburam. Kutilevski Jenyanın sözlərindən razı qalmadı, lakin etiraz etməyə də cürət eləmədi. * * * Jenya gimnaziyadan çıxıb düz texniklər məktəbinə gəldi. Məqalələrin çap olunmasını müəyyən yoldaşlara tapşırmaq lazım idi. Jenya məqalələri lazımi yerlərə verəndən sonra Mixaylovskinin yanına getməyi lazım gördü. Mixaylovski iş otağında Jenyanın intizarını çəkirdi. Jenya içəri girən kimi Mixaylovski əsəbi bir halda soruşdu: – Yenə də Kutilevskinin pis sifətini ziyarət etmək üçünmü getmişdiniz? Jenya gülümsəyərək dedi: – Tələbə üçün müəllimin çirkini-gözəli yoxdur. Tələbə — tələbə, müəllim də — müəllimdir. Tələbə müəlliminin yanına sevmək, ya sevilmək üçün getmir. Sizin zəhmətlərinizi azaltmaq üçün onun təcrübələrindən istifadə edirəm. Lakin siz yenə də qısqanırsınız, təbii haldan çıxırsınız. Bu hal davam etsə, hər ikinizdən əlaqəni kəsməyə məcbur olacağam. Jenyanın bu sözündən Mixaylovskinin varlığı sarsıdı; o, indiyə qədər Jenyadan belə sərt və acıqlı sözlər eşitməmişdi. O qorxub, mübahisəni davam etdirməkdən çəkindi. Jenya texniklər məktəbindən çıxanda saat altı idi. O, köhnə polis küçəsindən keçdiyi vaxt Pavluşanı gördü. Pavluşa özünü görməməzliyə vurub Jenyaya yanaşmaq istəmədi. Jenya onun etinasızlığını görüb səslədi: – Pavluşa, dayan! Pavluşa ayaq saxladı. Jenya yaxınlaşıb salam verdi. Pavluşa: – Quru bir salamın nə əhəmiyyəti vardır? — dedi. — Sən ki, dostluğa əhəmiyyət vermirsən. Bizim uzun görüşlərin və hesaba gəlməyən salamların nəticələrini gördük! Mənçə salamın əhəmiyyəti qalmamışdır. Sənin artıq mənə yaxın gəlməyə də macalın yoxdur. Bizim aramızdakı ayrılığın məsafələri getdikcə artır. Sən özünü elə bir şəklə qoymusan ki, mən səninlə bərabər durub danışmağa da utanıram. Şübhəsiz ki, sənin özün də beləsən; sən mənə yaxın gəlməkdən utanırsan. Mən işə başqa bir tərəfdən yanaşdığda, bizim görüşməyimiz mümkün deyildir. Sən burjuaziyanın alınmaz və adi insanların ayağı dəyməz möhkəm qalasına girmişsən. Burada biz nə kimi bir vasitə ilə görüşə bilərik? Eybi yoxdur, Jenya! Səni bu həyat sevindirirsə, get, yaşa! Mən və mənim yoldaşlarım da sənə mane olan adamlardan deyilik. Ancaq biz bu həyatı darmadağın edəndən sonra, sən öz səhvini anlayacaqsan, o zaman nə Kutilevski, nə də Mixaylovski kimi xəfiyyələrin nüfuzu qalacaqdır. Jenya Pavluşanın sözlərinə acı-acı gülərək: – Mən nə sizdən qaçmışam, nə də bu həyat dağıldıqdan sonra səhvimi anlayacağam. Partiya işində heç bir səhvim yoxdur. Mən də bu həyatın dağılması yolunda çalışıram. Mən özüm də zülm dünyasını dağıtmaq işində iştirak edənlərin birisiyəm. Təşkilat mənim nə iş gördüyümü lazımınca bilir. Buna görə də səndən rica edirəm ki, mənimlə heç bir zaman təşkilat adından danışma, öz xüsusi işlərindən danışsan daha yaxşı olar! Yaxşı kəsərli dilin, savadın, bacarığın vardır. Sən istəsən bu mühüm günlərdə bir çox dəyərli işlər görə bilərsən. Bibiheybət və Balaxanı fəhlələri arasında çalışıb onları şendrikovlar kimi burjuaziya nökərlərinin çirkabından qurtara bilərsən. – Sən nə bilirsən ki, mən işləmirəm? Mən bu barədə sənə raportmu verməliyəm? – İndi ki, sən raport verməyi sevmirsən, özün nə üçün başqalarından haqq-hesab istəyirsən? Nə üçün mənə mane olursan? Pavluşa, sənə yenə də deyirəm: doğrudan da sənin bu hərəkətlərin bizim həmişəlik ayrılmağımıza səbəb ola bilər. Qadın milyonçu evində qulluğa girə bilər. Mixaylovski, Kutilevski və başqaları ilə də iş xatirəsi üçün görüşə bilər, çünki onları yıxmaq üçün onların içərisinə girmək lazımdır. Pavluşa bu sözlərin tamamilə düzgün olduğunu bilirdi. Jenya deməsə də o, qadının vəzifəsini çox gözəl anlayırdı. Onun özü də Jenya düşünən kimi, bolşevikcəsinə düşünürdü, lakin bu düşüncələrin göstərdiyi yolla getməyə bir şey mane olurdu: o da qısqanclıq idi. Jenya dedi: – Pavluşa, qısqanmaq lazım deyil. Jenya yenə həmən Jenyadır. Əvvəlki dostluğumuz öz qiymətini itirməmişdir. Sənin dediklərinin hamısına burada cavab verməyəcəyəm. Gərək bu axşam saat doqquzda, Naberejnı küçədə görüşək. Sən buna söz verməlisən. Pavluşa: – Yox, söz vermirəm, — deyib ayrıldı. * * * Nakaşidze Peterburqdan gəldi Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər. Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi. Xanım izin verdikdən sonra Hacı əlində məktub onun otağına girdi. Otaqda bir xanım, bir də Jenya vardı. Jenya Hacını görüb, bayıra çıxmaq istədi, xanım izin vermədi. – Getmə, işinə məşğul ol, — deyib onu yanında saxladı. Jenya xanımın çıxartdığı paltarı bloknotuna yazıb paltar otağına aparmağa hazırlanırkən xanım da Hacının Nakaşidzedən aldığı məktubu oxuyurdu. Məktub çox da uzun yazılmamışdı: «Cənab Hacı! Peterburqa çox qiymətli xatirələrlə gəldim. Sizin salamınızı böyük bir iftixarla daxiliyyə naziri cənablarına yetirdim. Sizin səmimi dostunuz Fon Val cənabları da səlamətliyinizi eşidərək həddindən artıq şadlandı. Mən yaxında gələcək və sizin hörmətli əlinizi sıxmağa nail olacağam! Özümlə bərabər sizə qiymətli bir hədiyyə gətirirəm ki, o da daxiliyyə naziri cənablarının sizin öz adınıza yazdığı xüsusi məktubdan ibarətdir. Sizin imperator hökumətinə olan səmimi dostluq hissləriniz barəsində daxiliyyə naziri cənabları ilə xüsusi olaraq danışmağa vaxt tapdım. Heç şübhə yoxdur ki, mənim daxiliyyə naziri cənablarına şifahi olaraq söylədiyim məsələlərin hamısı olmasa da, bəzi mühüm nöqtələri II Nikolay həzrətlərinin qulağına yetişəcəkdir. Hacı cənabları hər halda öz dostlarını bu barədə əmin edə bilərlər. Peterburqun Qafqaz müsəlmanları haqqında qərarı olduqca müsbət bir qərardır. Dostunuz Nakaşidze». Hacı bu məktubun nəşəsi ilə uzun günlər yaşadı. Bu məktubla, qanlı bazar günü 9 yanvar hadisələrinin Bakıya təsir edə biləcəyi qorxularını qismən unutmağa başladı. Məktub gələndən bir neçə gün sonra, Bakı qubernatoru Nakaşidzenin xanımı Hacıya bayram müjdəsindən daha qiymətli bir telefonoqramma göndərdi. Telefonoqrammada, qubernatorun gecə saat ikidə sürətli qatar ilə gələcəyi söylənirdi. Hacı telefonoqrammanı alan kimi Məmməd bəyə belə bir telefonoqramma göndərdi: «Hafizin kitabını götürüb bizə təşrif gətiriniz. Hacı Zeynalabdın Tağıyev». Yarım saat keçməmişdi ki, Məmməd bəy hazır oldu. Hacı çox şadlandı. Məmməd bəy əvvəlcə Hacıya gündəlik hadisələr haqqında müfəssəl məlumat verdi. Hacı da bunun əvəzində cənab qubernatorun bu gecə saat iki qatarı ilə gələcəyini ona söylədi və əsil məsələyə keçərək dedi: – Cənab qubernator qiymətli bir məktub gətirəcəyi haqqında mənə yazmışdır. Sən də gərək Hafizdən bir fal açasan, görək, qubernator xeyir xəbər gətirəcəkdirmi? Mən heç şeyə inanmıram, amma o Hafizin falına inanıram; o kitab heç yalan danışmaz. Bir neçə kərə bunu təcrübədən keçirmişik. Sən özün də bunu bilirsən ki, xanımın haqqında bu kitab nə qədər doğru söz demişdi. Məmməd bəy Hafizi əlinə götürdü və Hafizin falına məxsus duanı oxumağa başladı: Ey Hafizi Şirazi! Bər mən nəzər əndazi! Ma talibi-yek falim, Tu kaşifi-hər razi! Rast beku, bəhəqqi Şah-Nəbat xanimi Şirazi Məmməd bəy duanı oxuyub qurtarandan sonra zarafatla Hacıya dedi: – Əlinizi kitabın üzərinə qoyub, nəzrinizi atınız! Hacı əlini kitabın üstünə qoyub dedi: – Aç, nəzri bir pianinodur. Məmməd bəy falı açdı. Falda görülən şerləri farsca Hacıya oxudu: «Çox mübarək faldır» deyə Hacıya müjdə verdi. Biya ki rayəti-mənsuri-padişah rəsid, Nəvidi-fəth büşarət və mehri mah rəsid. Çəmali-bəxt ziruyi-zəfər niqab əfkənd, Kəmali-ədl bə fəryadu dadxah rəsid. Süpehr, döviri-xoş əknun künəd ki, mah aməd. Cahan bə kamu dil əknun zi ərki şah rəsid. Məmməd bəy kitabı büküb dedi: – Ruhun şad olsun, Xacə! Elə bil ki, rəhmətlik bu saat Hacının kabinetində oturub Hacı ilə bərabər cənab qubernatorun Peterburqdan gəlməsini gözləyir. Hacının xırda gözləri parıldadı: – Sən mənə o oxuduqların şerlərin mənasını de. Doğrudur, savadsızam, amma bəzi sözləri anladım: Padişahdan danışır, falın yaxşı fal olduğuna heç şübhə etmirəm. Məmməd bəy şerin mənasını söyləməyə başladı: – Gəl, gəl ki, padişahın zəfər və qalibiyyət bayrağı yetişdi. Fəthin, şadlığın müjdə xəbərləri günəşə və aya qədər ucaldı, Bəxtin üzü qalibiyyət çöhrəsinin niqabını açdı. Ədlin kəmalı, yardım diləyənlərin köməyinə gəldi. İndi dövran çox yaxşı dövr edir, çünki ay gəlmişdir. Dünya öz məramına yetişəcəkdir, çünki şah gəlir. Hacı dedi: – And olsun Leylanın canına, elə bil ki, rəhmətlik Hafiz bu sözləri mənim qəlbimdən yazıbdır. A kişi, sözə bir bax! «Zəmanənin yol vuranları!..» Getdiyim Məkkəyə and olsun, rəhmətlik öz şerində Bakı bolşeviklərini yazıbdır. Yol kəsənlərlə bunların fərqi nədir? * * * Səhər saat doqquzda qubernator Hacını telefona çağırdı, özünün və xanımın keyfini xəbər aldı. Hacı da knyakinyanın keyfini soruşdu, dostluğuna dair sözləri yarı azərbaycanca, yarı rusca dedi. Hacı telefonun dəstəyini yerə qoyan kimi bufet müdirini çağırıb, bufetin və ərzaq anbarının vəziyyətini xəbər aldı, kəsirləri doldurmaq üçün on beş min manatlıq çek yazıb verdi: – Axşam yeməyində iyirmi üç nəfər olacaqdır! — dedi. Hacı qəbul salonuna keçdi. Xanım, qız qulluqçularını çağırıb tez bir iclas düzəltdi. Məsələ, axşam ziyafətində qulluq edəcək qızların paltarlarının yoxlanması məsələsi idi. Qulluqçu qızlar paltarlarını geydilər. Xanım gözə çarpan nöqsanların islah edilməsi üçün onlara göstəriş verdi. Axşam saat beşdə Hacının qapısında belə bir elan vurulmuşdu: «Bu gün Hacı xüsusi işlərlə məşğul olduğu üçün heç kəsi qəbul etməyəcəkdir». Hacının süfrəsinin artığını yeyənlər bir-bir elanı oxuyub geri qayıtdılar. Çağırılmış qonaqlar bir-bir, iki-iki gəlməyə başladılar. Gələnlər bufetin qabağında gəzişirdilər. Saat doqquzu vurdu. Hacının qəlbi də əziz qonağın intizarını çəkərək çırpınırdı. Hacı, Məmməd bəyin açdığı falın nəticəsində daxiliyyə nazirindən gətirilən məktuba cürbəcür məzmunlar verirdi. Qubernatorun gəlməsini qapıda duran qulluqçular telefonla xəbər verirkən, bufet qabağında duranların hamısı pilləkən başına toplaşdı. Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. Qonağı qarşılayanların hər biri yanındakını sıxışdırıb, birinci sırada durmağa və qonağa birinci olaraq əl uzatmağa tələsirdi. Qubernatorun gəlməsi, Hacının hərəm otağında şadlıq yerinə qəmli bir ixtilaf çıxartdı. Hacının xanımı, səhərdən bəri bəzək otağında məşğul idi. O, ziyafətdə iştirak etmək üçün bütün günü əlindən gəldiyi qədər bəzənmişdi. Lakin knyakinyanın ziyafətə gəlməməsi xanımı da bu ziyafətdə iştirak etməkdən məhrum elədi. Xanım knyakinyanın gəlməyəcəyini eşidər-eşitməz şkafın yanına yüyürüb özünü zəhərləmək istədi, ona mane oldular. Birdən özündən getdi. Qulluqçular onu yatağına qoydular. Hənifə xanım da Hacının ricasına görə onun yanında qarovul durdu. Ziyafət xüsusi ziyafət idi. Orada qadınlar iştirak etmirdilər. Qadın namınə ancaq on səkkiz nəfər gözəl qulluqçu qız iştirak edirdi. Bufet qabağında danışılan sözlər adi və şərab qədəhinə məxsus sözlər idi. Lazımi söhbətlər süfrə başına saxlanmışdı. Saat on iki zəngini vurdu. Bakı əyan və nücəbası əziz qonağın quyruğuna düzülərək yemək stolu başına oturdular. Qubernatorun sağ tərəfində Hacı, sol tərəfində isə Hacı Nemət Səidov, onların yanında da Murtuza Muxtarov, İsmayıl bəy Səfərəliyev, Kəblə İsrafil Hacıyev, Məmməd Həsən Hacinski, Hacı Rəsul oğlu Hacı Mustafa, Əlimərdan bəy Topçibaşev, Ağa Yusif Dadaşov, mühəndis Behbudov, Əsəd bəy Səlimxanov, Molla Qasım oğlu Məmməd, Hacı Aslan və sairləri oturmuşdular. Bufet müdiri qubernatorun qədəhini doldurduğu vaxt Hacı da: «Mənə bir lərzan gətirin» dedi. O, Hacı Nemətin və Hacı Aslanın yanında şərab içmirdi. Xörəklər süfrəyə verildi. Hacı ilə qubernatorun qabağına xırda tavalarda qoyulan məzə tamamilə başqa bir məzə idi. Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu: – Hacı, bunu nədən bişirmişlər? Hacı, Əlimərdan bəy Topçubaşevə dedi: – Mən necə ki, ərz eləyəcəyəm, sən də elə qubernator ağaya tərcümə edərsən. Bu xörək quzunun beyni ilə ciyəridir. Bunu limon içində bir gün saxlayıb, sonra da yağda qızartmışlar. Mən iki il bundan qabaq Berlində professor Şeldinberqin yanında müalicə olduğum vaxt o mənə bu xörəyi tez-tez yeməyi məsləhət görübdür. Onun dediyinə görə, bu xörək qocalığın qabağını alır, bəzi qüvvətləri də artırır, tükləri də qaraldır. Qubernator gülərək: – Mən Şərqdə bu ləzzətdə xörəyi birinci dəfədir ki, yeyirəm, — dedi. Hacı qayırma dişlərini dili ilə tərpədərək güldü: – Hərgah bu xörəyi əlli il bundan qabaq yesəydim, əlli il də artıq yaşardım, — dedi. Hər qədəh üçün başqa bir məzə gətirilirdi. Qora suyu içində saxlanmış cücə ürəkləri yeyildiyi vaxt Hacı dedi: – Bunu Karlsbadda müalicə olunduğum zaman professor Fridrix Şildatter mənə məsləhət görmüşdü. Özü də yaxşı nəticə verir. Hər iki qonağın başı üstündə bir nəfər qız durub sifarişləri qəbul edirdi. Hacı ilə qubernatorun sifarişlərini qəbul edən Jenya idi. Qulluqçu qızlar əllərində bloknot sifarişləri yazırdılar. Jenya isə danışılan söhbətlərin notunu qeyd edirdi. Ağa Murtuzanın şərəfinə içiləcək piyalə üçün gətirilən məzə, Ağa Murtuzanın həmişə yediyi xörəkdən idi ki, bu da Şəki sumağına basdırılmış qırqovul döşündən ibarət idi. Ağa Murtuza ayrı şey yeməzdi. Hacı arabir qubernatorun qulağına pıçıldayaraq soruşurdu: – Vəziyyət necədir? Allaha şükür, səlamətlikdir ki? Qubernator da onun qulağına pıçıldayırdı: – Vəziyyət ağırdır. Tətilləri və inqilab hərəkatını yatırmaq üçün böyük zəhmətlər tələb olunur. Xüsusən Bakının müdafiəsi üçün ayrıca tədbirlər lazımdır. Burada sizin köməyinizə ehtiyac vardır. Yerli xalq arasında sizin nüfuzunuz çoxdur. O, sözünü qurtaran kimi qırqovul döşünü çəngəl ilə ağzına dürtüb, ağ dəsmal ilə də bığlarını sildi. Hacı daxiliyyə nazirinin məktubu haqqında geniş arzular bəsləyirdi. Onu tez oxumağa, tez görməyə tələsirdi. Qubernator qırqovul döşünün ləzzətini, Murtuza Muxtarovun müsəlman xalqı içərisində olan əhəmiyyəti ilə birlikdə qeyd etdi. Qubernatorun təklifinə görə ümumi qonaqların şərəfinə ancaq bir qədəh içilməli idi. Bu təklif içkini qurtarmaq demək idi. Süfrəyə plov verilməyə başlandı. Hər kəs nə cür xörək yemək istəyirsə, onu da sifariş verirdi. Hər kəsin xörəyi verildi: Hacı Aslanın qabağına bir kasa kuşvara, molla Qasım oğlu Məmmədin qabağına da bir qab xəmraşı qoyuldu. Hacı qubernatora dedi: – Əslinə baxsan, hər kəsin bir adəti var, məsələn, bakılılar heç vaxt xəmir xörəksiz ötüşə bilməzlər. Qonaqlar süfrə başından qalxıb xüsusi salona keçdilər. Qubernatorun xüsusi katibi portfeli gətirdi. Qubernator əlini uzadıb, dörd tərəfi surquçla möhürlənmiş bir paket çıxartdı və: – Bu məktub daxiliyyə nazirinin öz əli ilə yazılmışdır, — deyə Hacıya verdi və Hacını təbrik elədi. Hacı bir neçə kərə paketin o tərəf-bu tərəfinə baxdıqdan sonra: – Mənimlə danışmır, — deyib onu Əlimərdan bəy Topçibaşevə verdi. Əlimərdan bəy gözlüyünü taxıb məktubu nəzərdən keçirdikdən sonra: – Bu yazını sadə adamlar yaza bilməz. Bunu ancaq böyük bir hökumət kişisi yaza bilər! — deyə qubernatorun qarşısında hökumətə öz səmimiyyətini göstərmək istədi. Məktubun oxunmasını təklif etdikdə, Hacı etiraz etmədi, buna görə də məktubu Əlimərdan bəy oxumağa başladı: Hörmətli cənab! Sizin səmimi dostunuz, eyni zamanda bizim hörmət bəslədiyimiz Bakı qubernatoru paytaxta unudulmaz xatirələrlə gəlmiş və bizə sizin dostluq salamınızı gətirmişdi. Onun bizə gətirdiyi salamın həqiqi mündərəcəsi sizin imperator hökumətinə bəslədiyiniz səmimiyyətdən ibarətdir. Sizin bizə göndərdiyiniz dostluq məktubu daxiliyyə nazirliyinin müsəlman xalqına olan müsbət duyğularını bir daha canlandırmış oldu. Müsəlmanlar, Rusiya imperatorluğuna daxil olan yüz əlli milyonluq təbəənin içərisində, indi deyil, yüz ildən bəri dövlət üsuli-idarəsinin tərəfdarlığı ilə məşhur olan yekanə bir xalqdır. Xüsusən Qafqaz müsəlmanları, başda siz cənab olmaq üzrə, özlərinin hökumət adamları ilə bir işləmələri və siyasətə qarışmamaları, dövlət əleyhdarlarına mənfi nəzərlə baxmaları ilə şöhrət tapmışlar. Qafqazda baş vermiş bütün siyasi hadisələrdə müsəlmanların hökumət tərəfində durduğu mülahizə olunmuşdur ki, bu da sizin müsəlman xalqı üzərindəki atalıq nüfuzunuzla əlaqədardır. Buna görədir ki, hökumət, Qafqazda müsəlman xalqının rahatlığını poza biləcək və müsəlman nücəbasının iqtisadi inkişafına mane olacaq bir qüvvəyə qarşı amansız mübarizə aparmaqla, sizin nüfuzunuz altında olaraq səadətlə yaşayan müsəlmanları müdafiə edəcəkdir. Bu məsələ haqqında sizin səmimi dostunuz olan Bakı qubernatoruna xüsusi tapşırıqlar da verilmişdir. Rusiya hökuməti, hökumətin etimadını qazanmış dinc müsəlmanlara qarşı üstünlük qazanmaq istəyən xırda millətlərlə amansız mübarizə aparacaqdır. Cənab Hacı, öz millətinin rahatlığını təmin etmək üçün, hərbi və mülki məmurlardan hər cür kömək almaq səlahiyyətinə malikdir. Eyni zamanda, hökumətimiz də, milli qəhrəmanlığın unudulmaz tarixinə malik olan müsəlmanların köməyinə və hökumət quruluşunu müdafiə üçün fədakarlıq göstərməsinə möhtacdır. Hörmətli əlinizi sıxmaq Nakaşidze cənablarına təkrar olaraq tapşırılmışdır. Daxiliyyə naziri imzası yerinə D. Qrişin». Peterburq, 14 yanvar, 1905-ci il. Məktub Hacını həddindən artıq şadlandırdı, lakin nazirin özünün imzalamaması Hacını ruhdan saldı. Məktubun ümumi bir məktub olduğu, bir çoxlarına göndərildiyi, ancaq adlarda fərq olduğu Hacıya aydın deyildi. Hər halda Hacı bu məktuba qarşı təşəkkür etməyə bilməzdi. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı: – Burada oturanlar müsəlman ruhunun şirəsidirlər. Biz yalnız öz tərəfimizdən — Bakı müsəlmanları tərəfindən deyil, bütün Qafqaz müsəlmanları tərəfindən danışırıq. Mənfəətləri hökumətin mənfəəti ilə əlaqədar olan müsəlman nüçəba və əyanları bütün namuslu müsəlmanları ələ alıb hökumətlə əlbir işləməyə söz verirlər. Biz məmləkəti sülh və səlamət içərisində idarə etmək üçün çalışan yerli və mərkəzi hökumət aparatının hər bir təşəbbüsünə kömək etməyə hazırıq. Hərgah hökumət müsəlman namusunun müdafiəsi üçün təşəbbüsdə bulunur və daşnakların Bakıya silah gətirməsinə qarşı mübarizə aparırsa və silahlanmağa qarşı silahsız müsəlmanların qeydinə qalırsa, biz heç vaxt bu məhəbbəti əvəzsiz buraxmayacağıq. Hərgah hökumət daşnakların hazırlığına müsəlmanların verdikləri mənanı verirsə, onların bizə hücum etmək məqsədini yəqin edir və bunun əleyhinə çıxmaq istəyirsə, müsəlman xalqına da geniş və azad hərəkət ixtiyarı verməlidir. Hacı sözünü bitirdi. Nakaşidzenin qanlı gözlərindən bu çıxışdan razı qaldığını oxumaq olurdu. Əlimərdan bəy Jenyanın gətirdiyi şəkərə doğranmış, limonu ağzına qoyub sözünə başladı: – Burada oturanlar Qafqaz müsəlmanlarının rəhbərlikedici qüvvəsidir. Hacı burasını olduqca aydın və düzgün göstərdi. Cənab qubernatorun özü də bilir ki, burada oturan ziyalıların mədəniyyətinin hamısı, rus mədəniyyətinin məhsuludur. Biz rus mədəniyyətinin xalqımıza nə kimi səviyyələr və mədəni səlahiyyətlər verdiyini gözəlcəsinə bilirik. Buna görə də biz çar üsuli-idarəsi əleyhinə çıxan qüvvələrin birinci düşməni olmalıyıq. Bu təbii bir haldır. Biz öz xalqımızın rus üsuli-idarəsi və rus mədəniyyəti və daha açığı, rus mənafeyinin tələbləri üzərində yaşamasını başqa üsuli-idarələrdə yaşamasından əlverişli bilirik. Biz cənab qubernatora demək istəyirik ki, rəhbərlikedici təbəqənin göstərişlərinə itaət edən və hökumət üsuli-idarəsinə boyun əyən bir millət varsa, o da müsəlman xalqıdır. Xüsusən Qafqaz müsəlmanları, İran tərbiyəsi təsirində olduqları, iranlılarla adət və ənənə cəhətincə bərabər yaşadıqları üçün öz başçılarına qarşı itaət göstərməkləri ilə məşhurdurlar. Onlar bunu bütün hərəkətlərində isbat edib, özlərini tanıtmışlar. Bu xüsusiyyət Mərkəzi və Qərbi Rusiyada yaşayan millətlərin heç birisində yoxdur. Müsəlman xalqı başıpozuqluğa və üsyançılığa öyrənməmişdir. Burada din və şəraitin də böyük rolu vardır. Ümumiyyətlə bizim dinimiz müsəlmanları padşahın itaətində olmağa dəvət edir. Hər halda qubernator cənabları mərkəzi hökuməti əmin etməlidir ki, Bakı nüçəbası və Bakı ziyalıları bir yığın sosialistlər və onların ən sol qruppası olan bolşeviklərlə mübarizədə aciz deyillər. Lakin burada mühüm bir amil vardır ki, o da bizim bolşeviklərlə apardığımız mübarizə işinə mane olur. Bakıda mütəşəkkil, hətta bütün burada olan millətlərə qarşı üstünlük siyasəti aparan daşnaklar vardır. Erməni burjuaziyası, erməni taçirləri Tiflisdə gürcü burjuaziyasını, gürcü taçirlərini səhnədən çıxarıb ölkədə ağalıq etməyə başladıqları kimi, Azərbaycanda da, hətta onun mərkəzi sayılan Bakı şəhərində də hücuma keçmişlər. Onlar Bakı ticarətinin, Bakı neftinin, Bakıdakı möhtəşəm binaların səksən faizini mənimsəmişlər. Onlar az vaxtdan sonra Bakı sərvətdarlarını tamamilə sıxışdırıb aralıqdan çıxarmağa tələsirlər. Hazırda silah olmadan da, küllə açılmadan da müsəlman sərvəti ilə erməni sərvəti baş-başa vurmaqda və döyüşməkdədir. Hərgah hökumət buna imkan vermiş olarsa, müsəlmanlar özləri üçün bir fəxr saydıqları öz burjuaziyasını, dövlətlilərini, taçirlərini müdafiə etməkdən aciz deyillər. Müsəlmanlarda qiymətli bir əhvali-ruhiyyə vardır ki, o da öz dövlətlisi və öz milyonçusu ilə fəxr etməkdən ibarətdir. Biz, müsəlmanları bu əhvali-ruhiyyə ətrafında toplayıb, bu sayaq tərbiyə etməyə çalışmışıq. Biz çox təlaş və zəhmət sayəsində «hər millətin öz milli burjuaziyası olmalıdır» düşüncəsini müsəlman xalqının beynində yerləşdirmişik. Hazırda müsəlmanların böyük bir hissəsi erməni və başqa millətdən olan sərvətdarın müəssisələrində yuxarı qiymətə işləmək əvəzinə, müsəlman müəssisələrində aşağı qiymətə işləməyi sevirlər. Lakin bolşeviklər burada bizə ənkəl törədirlər. Son tətillərdə müsəlman fəhlələri də əksəriyyətlə iştirak etdilər. Ona biz şübhə etmirik ki, bu xüsusiyyət erməni fəhləsinə aiddir. Müsəlman fəhləsi ilə erməni fəhləsinin arasında böyük bir fərq vardır ki, o da siyasi məsələlərdədir. Erməni fəhlələri siyasətə nə qədər çox qarışırsa, müsəlman fəhlələri bir o qədər uzaq durur. Yenə də qeyd edirəm ki, bolşeviklər bu barədə də ciddi iş aparırlar. Müsəlman fəhləsi erməni fəhləsinə görə siyasi cəhətcə o qədər də xəstələnməmişdir. Bunu isbat etmək üçün sosial-demokratların sırasını gözdən keçirməliyik. Burada müsəlmanların sayı ermənilərdən əlli faiz azdır. Müsəlman fəhləsi inqilab sırasında gözə çarpırsa, o da bolşevik fəaliyyətinin nəticəsidir. Bolşeviklər fəhlələrin milli ruhda tərbiyələnməsini poza bilmişlərsə də, kəndlilərə hələ az təsir göstərə bilirlər. Lakin bunu da qeyd etmək lazımdır ki, sosial-demokrat ideyalarının pozucu mikrobları 1898-ci ildən bəri bəzi şəhər ziyalıları içərisinə də girə bilmişdir. Yuxarıda göstərilən tarixə qədər əhali inqilab, tətil, siyasət və iqtisadi tələbin nə olduğunu bilməzdi. Biz əvvəllərdə müsəlman fəhlələrinin tətil düzəldənlərlə vuruşduğunu görmüşdük, lakin bu xüsusiyyət nə erməni, nə də rus fəhləsində görülmüşdür. Bolşeviklərin zühuru, yerli hökumətin bu hərəkata qarşı soyuqqanlılıqla baxması demək olar ki, müsəlman fəhlələrini də ümumi kütləyə qatdı. Biz bu hadisədən o qədər də qorxmamalıyıq, çünki dinə, dövlətlilərə və hökumətə hörmət bəsləyənlər daha çoxdur. Əlimərdan bəy sözünü bitirdikdə qubernator dedi: – Bunların hamısı nəzərə alınmışdır, hökumətin qüvvəsi hökumətə sadiq qalanların arxasındadır. Söhbətlər qurtardı. Qubernator hacıya gətirdiyi məktubun birini də erməni burjuaziyasına təslim etmək üçün gedəcəkdi. * * * Montin yoldaşın mühakiməsi Fevral ayının üçü idi. Bakı fəhlələrinin keçirdiyi həyəcanlı və iztirablı günlərin ən birincisi idi. Belə bir həyəcan ancaq 1902-ci ilin sentyabr ayında bir dəfə Lado tutulan gün, bir dəfə də o, etap ilə Tiflis şəhərinə göndərilən gün baş vermişdi. Bu gün hər kəs bir cür danışırdı: – Bu gün Tiflisdən gələn məhkəmə palatasının iclası olacaqdır. – Amma hayıf oğlana, misli-bərabəri olmayan bir oğlandır! – Kaş bizim əlli nəfərimizi Sibirə göndərəydilər, amma ona bir şey etməyəydilər! – Çar köpəkləri kimi tutmağı, kimi məhv etməyi çox yaxşı bilir!.. – Sən öləsən, candan keçib girəsən içəri, yəni məhkəmə köpəkləri oturan yerə, bir dənə bomba buraxasan, nə olar! – Qorxma, çar köpəklərinin gücü ona çatmaz! Vaxt o vaxt deyil. Xalq hərəkatının və fəhlə inqilabının ən qızğın bir vaxtında hökumət Montini dustaqda saxlaya bilməyəcəkdir! – Sən deyən olsaydı... – Bilmirəm, Montini bir də öz aramızda görə biləcəyikmi? – Bir də onun parlaq gözlərinə baxacağıqmı? Pavluşa, Vasya, Əsgər və yoldaşları bir tərəfdə durub gözlərini məhkəmənin qapısına dikmişdilər. Gorodovoylar, Jandarmlar məhkəmənin ətrafına toplanmış kütləni araladı, dəstələr bir-birinə qarışdı; bəziləri geri çəkilir, bəziləri isə kazak qamçılarına etina etmədən irəli soxulurdu. Qadın, kişi, gənc, qoca irəli yüyürür, nə hadisə baş verdiyi ilə maraqlanırdı. Yolu təmizlədilər. Bir dəstə saldat Montini həbsxanadan məhkəməyə gətirirdi. Yenə də kütlələr arasında danışıqlar başlandı, dostlar da, düşmənlər də, dost-düşmən olmayanlar da danışırdılar. Vəziyyətdən xəbərdar olmayan Azərbaycan qadınları belə hayıfsılanırdılar: – Bax! Bax! İradəsinə bax! Elə bil məhkəməyə yox, toya, kef məclisinə gedir. – Buna Montin deyərlər! Dəyirmanın boğazına salsan, diri çıxar. – Dünyanı bir-birinə vurdu, daha buradan qurtara bilməz! – Sənin cibinə nə girəcəkdir? Elə qoyaq ki, onu asdılar və ya Sibirə göndərdilər, sənə bir qəpik mənfəəti vardırmı? – Mənə mənfəəti olmasa da, müsəlman qardaşlara ki, mənfəəti vardır. – O, müsəlmanlara nə yamanlıq eləyib? – Bolşevik deyilmi? Gündə bir qalmaqal çıxarıb xalqı rahatsız edənlərin yoldaşı deyilmi? – Varlıları, mağazaçıları, buruq sahiblərini! – Axmaq! Niyə demirsən xalqın qanını soranları! – Ada, ona baş qoşma! Görürsən ki, anlamır. – Anlamaz özünsən! – İçəri girə bilsəydik... – Anaçığazın ölsün, səni bu gündə görməsin, yazıq oğlan! – Əlbət ki, yazıq! Bunun da yəqin anası vardır, bacısı vardır. – Bəs bu yazığı nə üçün tutublar? Bu biçarədən nə istəyirlər? – Bu hökuməti, dövlətliləri istəməyənlərin yoldaşıdır. – Allah ona kömək eləsin. Dövlətlilərimiz köpək uşağına rəhm edilməli deyil. Onlardır bizi bu günə qoyan! Elə birisi bizim qonşumuz Hacı Nemət. Qapıda it bağlayıb ki, həyətə dilənçi girməsin. Söhbətlər çox uzandı. Mübahisələr döyüşə, söyüşə qədər çıxdı. Hər kəs fikrini deyir, Montinə, özü bildiyi bir şəkil və sima verməyə çalışırdı. Bayırda bu söhbətlər davam etdiyi vaxt, məhkəmə ittihamçısı stolun dalında dururaq, müttəhimlər kürsüsündə oturan gənc Montinin təqsirlərini oxuyur və deyirdi: – «Ağalar! Cənablar! Müttəhimlər kürsüsündə oturan Pyotr Vasilyeviç Montindir! 1882-ci ilin yanvarında Tiflisin altmış verstliyində Ağbulaq kəndində doğulmuşdur. Müqəssir Pyotr, Çuquretdə ibtidai məktəbdə oxumuşdur. Müqəssir Pyotr ibtidai məktəbi bitirdikdən sonra Aleksandrovski müəllimlər institutu yanında olan məktəbdə oxumuşdur. Müqəssir Pyotr bu məktəbi bitirmədən on yeddi yaşlarında ikən Tiflis dəmiryol emalatxanasına işə girmişdir. Ağalar, cənablar! Müqəssir Pyotr burada olan inqilabçı fəhlələrlə görüşür və əlimizdə olan müəyyən vəsiqələrə görə, inqilabi işlərdə çalışmağa başlayır. Əldə edilən vəsiqələrə görə, Montin sosial-demokratlarla, yəqin xaricdən Lenin tərəfindən göndərilən iskraçılarla əlaqəyə girir və gizli ədəbiyyatı öz otağında mühafizə edir. Jandarm idarəsinin verdiyi məlumata görə Pyotrun evində iskraçıların iclası da olmuşdur. O, polisdən qaçanları da öz otağında gizlədirmiş. Müttəhim Pyotrun ən mühüm günahlarından birisi də onun Tiflis şəhərinin on iki verstliyindəki Olkinski kəndində yaşayan Mengrel alayının soldatları ilə hər gün söhbət etməsi və onları hökumətə qarşı ayağlandırmasıdır. Jandarm idarəsinin verdiyi raportlara görə, müttəhim Pyotr, 1900-cü ildə Kars dəmir yolunda imtahan parovozlarını idarə etdiyi vaxt həmişə hökumət əleyhinə proklamasiyalar daşıyırmış. Müttəhim Pyotr bununla da kifayətlənməyərək öz qonşularında və camaat toplandığı yerlərdə zərərli nitqlər deyirmiş. Ağalar, cənablar! Sizin hüzurunuzda oxuduğum materiallara əsasən 1902-ci ilin on üç aprelində hökumət müttəhim Pyotru tutmuşdur. Ağalar, cənablar! Müttəhim Pyotr Tiflisdə Metex qalasında üç ay saxlandı. İstintaq zamanı verilən suallara cavab verməkdən boyun qaçırdı və cürətlə dedi ki: «Mən heç bir suala cavab verməyəcəyəm». Müttəhim Pyotrdan heç bir cavab ala bilməyən polis idarəsi onu azad etməyə məcbur oldu. Lakin Pyotr Vasiliç Montin daha Tiflisdə qala bilmədiyindən və yaxud gizli hərəkətdə iştirak etdiyi üçün 1903-cü ilin əvvəllərində Bakıya gəlir və Qaraşəhərdə Əlibəyovun kanat fabrikində işə girir. Burada müttəhim bir az işlədikdən sonra Bakı inqilabçıları ilə tanış olur və gizli işlərdə ciddi iştirak edir. Bakı polisinin arxivində olan materiallara görə, müttəhim Pyotr Bakıda vaqe olan 1903-cü il iyun tətillərinin birinci müqəssirlərindəndir. Bakı polisi məcbur olub 1903-cü ilin avqust ayının on birində, sizin gözünüzün qabağında oturan Montini tutur. Ağalar, cənablar! Yenə də həmin Pyotr istintaq zamanı cavab verməkdən boyun qaçırdı. Hökumətin buna rəhmi gəldi; bunun cavanlığını və kəndli ailəsində doğulduğunu nəzərə alıb, bir qədər pul da təklif elədi. Hökumət onu azad etmək şərtilə özünə nəqd mükafat verilməsini və bunu yoldaşlarına deməməsini təklif elədi. Ağalar, cənablar! Baxın bu xain, hökumətin mərhəmətinə qarşı necə rəftar etdi! Əlində pul tutan və onu Pyotra vermək istəyən pristavı təhqir etdi. Yaxına gəlib pulu almaq bəhanəsi ilə pristavı sillə ilə vurdu». İttihamçının bu sözündən sonra, salonda oturan varlılar, məmurlar və ziyalılar arasında təəccüblü səslər eşidilməyə başladı: – O asılmalıdır! Pristavı vurmaqmı? Buna imkan verilərmi? – Özü də vəzifə başında! Padşahın şəklinin qabağında!.. – Vəhşi və tərbiyəsiz bir adamdır! Bunların əlindən hər nə desən gələr... – Bunu indiyə kimi diri qoymağın nə mənası vardır? – Heç də anlaya bilmirəm!.. – Öz əlim ilə bunu tikə-tikə doğrasam, yenə də ürəyim soyumaz! – Təqsir özünüzdədir! Bir gədənin birinə əlli manat verə bilməzsinizmi ki, bir gecənin içində şərrini başınızdan uzaqlaşdırsın?! – Əlacımız da ancaq ona qalıbdır. Bu pıçıltılar davam etdiyi vaxt Montin salona göz gəzdirib orada oturanları siniflərə və təbəqələrə ayırmaqda idi. Salonda Bakı baqqallarından başlamış fabrik-zavod sahiblərinə qədər bütün təbəqələrdən adam var idi. Ziyalılar, hökumət məmurları, hətta təqaüdə keçən qoca məmurlar və gorodovoylar da görünürdü. Məhkəmə salonunda ən az yer tutan Montinin əqidə yoldaşları idi; onların çoxunu içəri buraxmamışdılar. İttihamçı sözünə davam edərək deyirdi: – «Ağalar, cənablar! Hüzurunuzda müqəssir skamyasında oturan Pyotr Montin pristava qarşı etdiyi ədəbsizliyin nəticəsində il yarıma qədər müxtəlif dustaqxanalarda istintaq olunmadan qalmışdır. Nəhayət, müqəssir Lənkəran dustaqxanasında olduğu kameradan lağım atıb qaçmağa müvəffəq olmuşdu. Qaçmışdısa da, hökumət onu yenə də tutmuşdu. Hökumət daha onu Lənkəranda saxlamayaraq 1904-cü ilin 11 mayında Şamaxı dustaqxanasına göndərmişdir. Müttəhim Pyotr oradan da qaçır. Lakin yolda yenə də tutulub dustaqxanaya salınır». Ağalar, cənablar! Hazırda təqsirlərini eşitdiyiniz bu müqəssirin mühakiməsidir. Buna görə də mən necə ki, bir dövlət ittihamçısı, tərbiyələndirilməsi mümkün olmayan Pyotrun ağır bir cəza ilə cəzalandırılmasını təklif edirəm. Alqış səsi məhkəmə salonunu bürüdü, lakin bu gurultu Montinə heç də təsir etmirdi. Belə məhkəmələri o bir necə kərə görmüşdü; onun əqidəsini bu kimi gurultular sarsıda bilməzdi. * * * Bakı Komitəsinin xətti-hərəkəti Montinin yoldaşları məhkəmə qapısında durub onu gözləyirdi. Salonun qapısından çıxanlar danışır, üzlərindən narazılıq tökülürdü. – Vallah, billah, işləri xarab eləyən hökumətin özüdür! – Əlbəttə ki, özüdür! Haramzadanın birisi dünyanı vurub bir-birinə; padşahın pristavını bihörmət edib, necə dəfə dustaqdan qaçıbdır, buyurun görək, belə bir adamı azad buraxmağın nə mənası vardır? – Hökumət başına nə gül töksün? İnqilab hərəkatı bütün Rusiyanı yerindən qopartmaq istəyir. Hökumət haramzadaları bir cür sakit etməyə çalışır. Buraxmasın nə eləsin, bayırdakılar dinc dururmu? – Belədir, hər adam bunun mənasını anlamaz! Bu gün lazım olsa azad edər, sabah yenə də lazım olarsa tutub qalaya soxar. Bu söhbətlər gedərkən Montin məhkəmə qapısından çıxıb yoldaşlarına tərəf gəlirdi. Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra Montin yoldaşları ilə birlikdə erməni-müsəlman qırğını haqqında buraxılan şayiələri müzakirə üçün çağırılmış iclasa getdi. İclasda aparılan müzakirələr nəticəsində hökumətin erməni-müsəlman qırğını hazırlamaqla, inqilab hərəkatını qardaş millətlərin qanı ilə boğmaq istədiyi meydana çıxdı. İclas erməni və Azərbaycan dilində intibahnamələr çap etmək, iki millətin arasında izahat kampaniyaları aparmaq, hökumətin bu cinayətini ifşa eləmək qərarına gəldi. İclas qurtardı. Hamı iclasdan birlikdə çıxdı. Vasya intibahnamə buraxılmasının əleyhinə idi. Onların hamısı birlikdə Sabunçuya getməli idilər. Sergey Vasiliçi görmək lazım idi; onun xəstəliyi şiddətlənmişdi, daha yerindən qalxa bilmirdi. Vasya Sergey Vasiliçin evində yenə də söhbəti erməni-müsəlman qırğını məsələsi üzərinə qaytarıb: – Mən razı deyiləm, — dedi. — Mən elə bilirəm ki, erməni-müsəlman hadisəsi baş verə bilməz. Belə bir şey olsaydı, onu daşnaklar və hınçakistlər hamıdan əvvəl bilərdilər. Ayrapet gülərək dedi: – Mən çox təəccüb edirəm ki, Vasya menşeviklərə inandığı kimi, daşnaklara da inanır. Şüurlu adam onlara inanarmı? Onlar xaindirlər, onlar bolşevik fəhlələri nüfuzdan salmaq üçün hər bir xəyanətlə barışa bilərlər. Mən sənin intibahnamə buraxmaq əleyhinə olduğuna heç bir məna verə bilmirəm. Vasya bu sözlərə etiraz edərək dedi: – Əsli olmayan məsələ haqqında intibahnamə buraxmağın və xalqın beyninə şübhələr yerləşdirməyin nə mənfəəti vardır? Bu belə olsa, hər iki millət bir-birinin əleyhinə hazırlıq aparar. Pavluşa da Vasyaya etiraz edərək: – Mən Bakı komitəsinin fikrini doğru hesab edirəm. Biz öz vaxtında fəhlələri xəbərdar etməliyik. Biz öz sözümüzü güllələr atılmadan qabaq söyləməliyik. Belə mühüm bir zamanda Bakı komitəsinin kütlələrə rəhbərlik etməsi tamamilə yerli və doğrudur. Kütləvi xainanə bir siyasət yürüdən hökumətin təbliğatı qarşısında rəhbərsiz qoymaq, onların kor-korana milli qırğına sürüklənməsinə soyuqqanlılıqla baxmaq misli görünməmiş bir cinayətdir. Bakı komitəsi bu məsələni vaxtında qarşılamalıdır. Qoy kütlələr bizi dinləməsin, sonra «Bakı komitəsi kütlələri xəbərdar etmədi» deyə məzəmmət edən də olmaz; Bakı komitəsinin doğru yol götürdüyü meydana çıxar. Qırğın başlandıqdan sonra işə başlamaq düzgün xətti-hərəkət deyildir. Hökumətin bu barədə hazırlıq aparmasına gəldikdə, bu o qədər də təəccüb ediləcək işlərdən deyildir, çünki çar hökuməti bu siyasəti Zaqafqaziyadan əvvəl bir çox yerlərdə həyata keçirmişdir. Rus-yəhudi və polyak xalqları arasında səpilən toxum, burada da səpilə bilər. Sergey Vasiliç də Pavluşanın sözlərini təsdiq edərək: – Bakı komitəsinin xətti-hərəkəti olduqca düzgündür, — dedi. — Mənə qalırsa biz yubanmışıq. Biz bu işi bir az da əvvəldən başlamalı idik. Sizə vəsiyyət edirəm: menşeviklərdən birdəfəlik əlaqəni kəsin. Milli partiyalara inanmayın! Əsgər danışdı: – Bu şayiələr çıxandan bəri mən Nobel mədən və zavodlarında çalışan fəhlələr arasındakı köhnə dostluğu görmürəm. Yoldaşlar bir-birini köhnədə olduğu kimi qarşılamırlar, salamlar çox ağızucu verilir. Bəzən yoldaşlar bir-birini görəndə özünü görməməzliyə vurur. Daşnaklar fəhlələri zəhərləmişlər. Mən dünən istirahət zamanı bu məsələyə çox diqqət verdim. Yoldaşlar əvvəldə olduğu kimi qarışıq oturmamışdılar. Erməni erməninin, azərbaycanlı isə azərbaycanlının yanında oturmuşdu. Onlar bir-birlərini danışdırdıqda və sual verdikdə ya etinasız cavab alır, ya da heç almırdılar. Yoldaşlar! Bu vəziyyət göstərir ki, bu şayiələr, fəhlələrin yoldaşlıq ruhunu zəhərləmişdir. Mən çox zaman demişəm, yenə də deyirəm: Vasya bəzən elə axmaq-axmaq danışır ki, adam bunun normal bir adam olduğundan şübhələnir. Vasya görmürmü ki, avam fəhlələr bu şayiələrin səbəbini hökumətdə deyil, bir-birində axtarırlar? Mən bütün vicdanımla deyirəm ki, hökumətin bu xəyanəti təsirsiz qalmamışdır. O şayiələr fəhlələrin ruhunu zəhərləmişdir. Vasya təbii halından çıxmışdı. O, Əsgəri danlamağa hazırlaşırkən Jenya içəri girdi. Ona görə də Vasya öz sözlərini deyə bilmədi. Jenya Sergey Vasiliçin yatağının yanına gəlib onu öpdü, sonra anasını öpərkən anası: – Bu gün Jenyanın anadan olan günüdür, — dedi. Jenya gətirdiyi şeyləri stolun üstünə qoydu. Məmməd, Əsgər və Ayrapetlə görüşdü, Pavluşa ilə Vasyaya heç əhəmiyyət də vermədi, əllərini də sıxmadı. Soyunmaq üçün içəri otağa keçdi. Bundan istifadə edən Pavluşa və Vasya ayağa qalxıb getmək istədilər. Sergey Vasiliç onlarla Jenya arasında olan ixtilafı bilirdi, buna görə də onları səslədi: – Ey uşaqlar, oturun! Bu gündə doğulanın xatirinə oturmaq istəməsəniz də, bu günlərdə ölməyə hazırlanan yoldaşınızın xatirinə oturun! Nə Pavluşa, nə də Vasya danışdı. Öz yerlərində oturdular. Bir azdan sonra Jenya da gəlib anasının yanında oturdu, Məmməd və Əsgərlə söhbətə başladı. – Yoldaşlar nə haldadırlar? Əsgər: – Hamısı buradadır, — dedi, — gərək ki, kefləri də yaxşıdır. Sənin kefin necədir? – Necə olacaqdır? Orada çalışıram, ürəyim isə buradadır. – Eybi yoxdur. Orada işləməyin də lazımdır. Pavluşanın fikri keçmişlərdə gəzirdi. O, Jenya ilə həmin bu evdə keçirdiyi günləri, saatları, hətta dəqiqələri xəyalından keçirirdi; onun qabağında səmimi, nəvazişkar, eyni zamanda qorxmaz və inadkar Jenya durmuşdu. Jenya çay stəkanlarını stolun üstünə qoyarkən yenə də Vasya ilə Pavluşa qalxıb getmək istədi. Bu dəfə Jenyanın anası bunlara mane olub əyləşdirdi. Çay içildi. Nahar yeməyini də birlikdə yedilər. Sergey Vasiliç Ayrapetə dedi: – Ayrapet, sən bu uşaqları barışdır. Hansı birisi müqəssirsə, özəyə ver, qoy təşkilat onu intizam altına alıb düzəltsin. Jenya qəti bir səslə dedi: – Mən buna razıyam. Vasya Pavluşadan qabaq cavab verdi: – Onda sən qazanmazsan, yazıq olarsan. – Yazıq olan ancaq anlamayanlardır! Pavluşa: – Sən inadçısan, — dedi. – Mən inadçıyam, lakin mənim inadım Vasyanın inadı kimi boş deyildir. Mündəricəsiz və prinsipsiz inadın cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Vasya partiya tərbiyəsini və partiya intizamını mənimsəməkdən acizdir. O, həyatda hər şeyi təhrif edən və hər şeyi əyri görən bir ünsürdür. O, partiyalılıq işini də təhrif edir, yanlış anlayır, onu öz düşüncəsilə ölçür. Vasya bütün diqqətini iş yaratmağa deyil, yersiz sözlər yaratmağa sərf etməkdədir. Məni görən zaman sözünü gizlədir, ən adi bir sözü bitərəflərin yanında oğru kimi danışır, bunu da o, partiya tərbiyəsi və partiya taktikası hesab edir. Mən Vasyanı bir çox dəfə simasızlıqda təhmətləndirmişəmsə, o, mənim səhvimdir. Mən 1904-cü ilin fevralından başlayaraq Vasyanın simasını tamamilə aydınlaşdıra bilmişəm. Vasya özünü saxlaya bilməyib acıqlı soruşdu: – Necə? Necə? 1904-cü ilin fevralında mən nə iş görmüşəm ki, sən də mənim simamı aydın etmiş olasan? Jenya çox soyuqqanlılıqla onun cavabını verdi: – Heç qızışma, qışqırma da. Mən Pavluşa deyiləm, sən onun üstünə qışqıranda sözünü yadından çıxartsın. – Mənə də Vasya deyərlər! Bununla məsələ həll olunmur. Birisinin simasını göstərmək üçün isbat və vəsiqələr lazımdır. Jenya dedi: – Onların hamısı vardır. Məni yaxşı eşit: o zaman ki, Zaqafqaziya bolşeviklərinin təşkilatını düzəltmək məsələsi dururdu, o zaman ki, menşeviklərin əleyhinə mübarizə başlanmışdı, o zaman ki, partiyanın III qurultayını çağırmaq uğrunda menşeviklərdən tamamilə ayrılmaq siyasətini müdafiə etmək lazım idi, sən Vasya nə iş görürdün? – Necə nə iş görürdün? – Sən o zaman leninçi bolşeviklər təşkilatı düzəltmək uğrundakı mübarizəyə nə kimi kömək edirdin? Menşevik hərəkatına kor-korana qoşulan Bibiheybət fəhlələri arasında işlədiyimiz vaxt və Montinlə bərabər şendrikovlara atəş açdığımız bir zamanda sən Vasya bir necə kərə şendrikovlara qarşı çıxışda bulundunsa da, həmişə öz aramızda bizi tənqid edirdin. Sən menşeviklərdən ayrılmaq siyasəti ilə razı deyildin. Heç olmazsa sən bu günlər özünü göstərə idin. Bakıdakı menşeviklərlə inadlı mübarizə aparaydın. Sən bilirsən ki, üçüncü qurultayın çağırılması uğrunda gərgin mübarizə davam edir? Sən bilirsən ki, hazırda menşevik mərkəzi komitəsinin nümayəndəsi Qlebova Bakıdadır və menşeviklər bizə qarşı inadlı bir cəbhə düzəltmişlər? Sən Vasya, belə bir gündə nə işdəsən? Səndən soruşuram, cavab ver! Hansı bir müəssisəyə getdin? Hansı fabrikin fəhlələri arasında izahat kampaniyası apardın? Heç yerdə! Ağzına su alıb oturmuşsan, nə bolşeviklərin lehinə, nə də menşeviklərin əleyhinə bir söz danışırsan. Vasya ona acıqlı baxaraq dedi: – Başqalarından danışma, özündən danış, nə üçün hərəkatdan ayrıldın? – Mən hərəkatdan ayrılmamışam, hərəkatı yanlış anlayanlardan ayrılmışam. Mən Vasya kimi adamları sevmirəm. Özünü fövqəladə bir biliyə malik adam kimi göstərməyə çalışan, əslində tənbəl, sözbaz, biliksiz, hətta biliyini artırmaq istəməyən, siyasi biliyi cəhətdən savadsız, boş-boş fikirlərlə silahlanan yalançı bolşeviki görmək istəmirəm! Onun mübarizə apardığı düşmən, təpəsindən dırnağına qədər silahlanmışdır. Vasya gec-tez bizdən tamamilə ayrılacaqdır. Qarı arvadlar kimi söz gəzdirmək, eşitdiyi sözü dəyişdirib məqsədinə uyğun bir şəkildə demək, insanların qəlbini öyrənib onda öz pis söhbətləri üçün mövzu aramaq, öz yüksəkliyini başqalarının alçalmasında bilmək bolşevik işi deyildir! Vasya, məndən incimə! Sən hələ bolşevik ola bilməmişsən! Sən yarımçıq bolşevik olsaydın, yenə də dərd yarı idi. Sən hazırda bizdən ayrılmaq üçün son addımlarını atmaqdasan. Pavluşa, mən bu sözləri səni Vasyadan ayırmaq üçün demirəm. Siz Vasya ilə bu dostluğu uzun yaşada bilməyəcəksiniz. Səndə müstəqil bir düşüncə olsaydı, ya Vasyanı düzəldər, ya da ondan tamamilə uzaqlaşardın. Vasya nə qədər uydurucu, demaqoq bir adamdırsa, sən də bir o qədər tez inanan, avam, iradəsiz, şəxsi həyatında başqalarının fikrindən asılı olan bir bolşeviksən. Sən elə bilirsən ki, tək-tək partiya üzvlərinin fikri komitənin və təşkilatın fikridir? Belə deyil! Tək-tək fikirlər bir yerdə yığılıb partiyanın qəlbirindən keçəndən sonra bir həqiqi fikir halına düşmüş olur. Pavluşa birkərəlik bunu iqrar etməlidir ki, o hələlik Vasyanın iradəsindən asılıdır. Pavluşada bolşevikliyə yaraşan şəxsi təşəbbüs yoxdur. Vasya Pavluşanı bir hərəm qadını kimi azadlıqdan məhrum etmək istəyir. Pavluşa mənimlə görüşmək istəmir. İndi mən bu yoldaşların yanında Pavluşadan soruşuram: təşkilat bir kərə də olsa sənə qədəğən etmişdirmi ki, mənə qoşulmayasan? Mənim barəmdə ya partiya komitəsi, ya rəhbərlikedici yoldaşlardan birisi sənə rəsmi, ya qeyri-rəsmi bir söz söyləmişdirmi? Pavluşa cavab verdi: – Yox, təşkilat mənə heç bir söz deməmişdir. Vasya da danışdı: – Biz təşkilat üzvüyük, təşkilat tək-tək üzvlərdən ibarət deyildirmi? Jenya dedi: – İndi ki, elədir, o zaman sən Vasya öz sözünü təşkilat vasitəsilə deməlisən. Özbaşına olaraq təşkilat adından danışmağa haqqın yoxdur! Bolşevik təşkilatı başıpozuqlar təşkilatı deyildir. Sən də, Pavluşa da işinizi-peşənizi buraxıb məni öyrənirsiniz, məndən haqq-hesab istəməyə çalışırsınız. Tezdir hələ, sizin qüvvəniz buna qabil deyildir. Məni sizdən də əvvəl öyrənənlər vardır. Onlar sizin kimi savadsız da deyillər, mətanətsiz və iradəsiz də deyillər. Onların qəlbi də möhkəm, iradəsi də möhkəmdir. Təşkilatı idarə edənlər bizim hamımızı özümüzdən də gözəl tanıyırlar. Axşam qaranlıq düşüncəyə qədər oturdular. Jenyanın şəhərə qayıtmaq vaxtı yetişdi. Pavluşa iki fikrin arasında çapalayırdı: «Jenyanı şəhərə aparsınmı? Bundan Vasya açığlanmazmı?». Jenya paltosunu geydi. Getməyə hazırlandı. Anasını və atasını öpüb ayrılarkən Əsgərə dedi: – Əsgər yoldaş, məni şəhərə qədər ötür. Əsgər ilə Jenya getdilər. Pavluşa Vasyanın, Vasya da Pavluşanın üzünə baxa-baxa qaldılar. * * * Erməni-müsəlman qırğını başlandı 1905-ci il fevral ayının altısında çar hökumətinin çoxdan bəri hazırladığı xəyanət şayiələr şəklindən çıxıb, bir həqiqət şəklinə girdi. Baş verən böyük bədbəxt hadisə kiçik bir hadisədən başlandı. Bakıda 1905-ci ilə qədər adam öldürmək hadisələri adi bir şəkil almışdı. Erməninin müsəlmanı, müsəlmanın ermənini öldürməsinə heç vaxt milli şəkil və milli məna verən yox idi. Lakin çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün geniş bir zəmin hazırladı. Fevralın altısında Rəzi Babayevin bir erməni tərəfindən öldürülməsi erməni-müsəlman qırğınının siqnalını verdi. Ümumi vuruşma başlandı. Bakı komitəsi qırğının qabağını almaq üçün tez iclas çağırdı. İclasda qəti qərarlar çıxarıldı. Lakin bu qərarları həyata keçirmək üçün imkan yox idi. Briqadalar təşkili üçün lazım olan silah da tapılmadı. Bakı komitəsinin iclası bitdiyi zaman, şəhərdə şiddətli atışma gedirdi. Hökumət qırğına və atışmaya olduqca soyuqqanlılıqla baxırdı. Montin, yanında bir dəstə bolşevik olduğu halda şəhərin küçələrini gəzir, polisləri, polis müdirlərini məzəmmət edir, qırğının qabağını almağı tələb edirdi. Lakin onları dinləyən yox idi. Polis və jandarmlar hökumətin bu barədə verdiyi gizli əmrləri həyata keçirirdi. Şəhərin dördüncü polis dairəsi tamamilə atəş içində idi. Çar polisi, çar jandarmı, Bakının qoçularına, adam öldürənlərinə, milli əməl və milli arzunu öz şəxsi məqsədinin bir aləti etmiş olanlara, daşnaklara və başqa canilərə tam mənasilə azadlıq vermişdi. Hər tərəfdə atlı və piyada qoşun dəstələri dolaşır, hər tində qruppalaşmış jandarm və polis dəstələri gəzirdi. Bununla da erməni-müsəlman məsələsinin iç üzündən xəbərdar olmayan əhali atışmaları hesaba almayıb şəhər içində gəzirdi. Xüsusilə Parapet və Olkinski küçə bekar əhali ilə dolu idi. Atışma başlanmış küçələrdə güclü qoşun dəstələrinin və qruppalaşmış jandarm və polislərin gəzməsi əhalidə belə bir fikir əmələ gətirirdi ki, guya hökumət bu qırğının qabağını almaq üçün tədbir görmək istəyir. Buna görə də istər ermənilər, istərsə də müsəlmanlar vaxt ikən qaçıb öz evlərində gizlənməmişdilər. Məsələ xalqın düşündüyü kimi çıxmadı. Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. Hökumətin qırğına qarşı tədbirlər görmək istədiyini düşünən camaat az sonra tamamilə başqa cürə düşünməyə başladı və qoşunun, qırğın mütəşəkkil surətdə aparılsın deyə şəhərə çıxarıldığını yəqin etdi. Atlı kazak və piyada qoşun zabitlərinin yanından keçən qırğınçıların öz silahını gizlətməsi də lazım gəlmirdi, çünki şəhərə çıxarılan qoşun zabitlərinə istər general Əlixanov, istərsə də Nakaşidze, Roniç və Lavrov tərəfindən lazımi tapşırıqlar verilmişdi. Vasya ilə Əsgər iclasdan birlikdə çıxdılar. Onlar da başqa yoldaşlar kimi rayonlara təhkim olunmuşdular. Onlar Balaxanı — Sabunçu rayonuna gedərək, orada şəhərdəki qırğının fəhlə dairələrinə sirayət etməməsi üçün hazırlıq aparmalı idilər. Bu mümkün olmadı. Şəhər ilə rayonların rabitəsi səhərdən bəri kəsilmişdi. Yollar tamamilə qoşun dəstələri, polis və jandarmlar əlində idi. Konkalar hələ işləyirdi. Piyada getmək qorxulu olduğu üçün camaat konka ilə getməyə tələsirdi. Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı. Vasya ilə Əsgər də konkaya oturub Voronsov küçəsi ilə gedirdilər. Voronsov küçəsində naməlum bir adam konkada işləyən konduktor Şinkovu vurub öldürdü və bununla da konkada ağlagəlməz bir çaxnaşma başladı. Bir çoxları yanındakını tapdaya-tapdaya konkadan yerə atılırdı. Sağdan, soldan, daldan, qabaqdan düşüb qaçırdılar; qışqıranlar, özündən çıxanlar və bayılanlar da var idi. Oturanlardan bir neçəsi özünü güllədən qorumaq üçün skamyaların altında gizlənmişdi. Vasya ilə Əsgər şəhərdən gələn güllə səsini eşidir və heyrətlənirdilər. Konka konduktoruna atılan bu güllə şəhərin başqa hissələrində də yeni atışmalara səbəb oldu. Ən şiddətli atışma səsi Çadrovı küçədən gəlirdi. Hamı qaçır, hamı qışqırırdı, lakin kimin kimi vurduğu və kimin kimləri soyub-taladığı məlum deyildi, heç kəs də bunu soruşmurdu. Vəziyyət getdikcə ağırlaşırdı. Vasya və Əsgər konkadan düşüb piyada getməyi qərara aldılar. Aralıq sakit olduqda Vasyanın İçərişəhərdəki mənzilinə getmək istəyirdilər. Konka dayandı. Konka atları da bu hadisədən istifadə edərək dincini alırdı. Konkada heç kəs qalmamışdı, hərə düşüb bir evə soxulmuş, bir tərəfə qaçmışdı. Konkada bayılıb qalmış gənc bir qızı bir tərəfə çıxaran yox idi. Qızın gözü, qaşı, saçı qara idi. Erməni qızına çox oxşayırdı. Heç kəs ona yaxın durmurdu. Hər kəs qıza yaxın durmasının bir ixtilafa səbəb olacağından qorxurdu. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. Faytonçular da atlarını döyüb qaçırdı. Vasya faytonçulardan birini səslədi, Əsgərə dedi: – Mən bu sahibsiz qıza nicat verəcəyəm. Qoy nə olur-olsun, bunun üçün bizi məzəmmət edən də olmaz. Əsgər buna etiraz etdi: – Böyük səhv edirsən, — dedi. — Erməni qızıdır. Sabah bizə deyərlər ki, erməni qızını götürüb qaçırmışlar. Heç kəs deməz ki, biz təhlükədən qurtarmaq üçün aparırıq. Vasya etiraz etdi: – Fikrin doğru fikir deyildir. Qoy nə deyəcəklər desinlər. Qoy nicat verdiyimiz qızın özü bizdən razı qalsın, başqalarının fikri bizim üçün qorxulu deyil. Sən ki, şərqlisən. Şərqdə qadının hörməti hamıdan irəlidədir. Götür, qoyaq faytona! Bir qızı bu vəziyyətdə qoyub getmək heç Şərq kişisinə yaraşmaz. Əsgər ilə Vasya köməkləşərək, qara saçlı qızı konkadan götürüb faytona qoydular. Qızı faytonda Vasyanın evinə apardıqları zaman onun üzünə dağılmış qara saçları altından belə bir səs eşidildi: – Rica edirəm mənə kömək ediniz. Qız bu sözü deyib yenə bayıldı. Əsgər etirazlı baxışla Vasyaya baxdı: – Bilmirəm biz bu ölünü hara aparacağıq? Vasya dedi: – Mənim evimə apararıq. Sağ qalarsa, ailəsini tapıb verərik, ölərsə, dəfn etmək üçün tabut tapmaq da mümkündür. Əsgər heç bir söz demədi. Faytonda sakitcə oturub onlarla bərabər İçərişəhərə girdi, orada bir nəfər tanışın evində gecələməyi düşünürdü. Şəhərin güllə altında qaldığına və erməni-müsəlman qırğını başlanmasına baxmayaraq, yenə də çoxdan bəri bir-birini tanıyan qonşular öz qonşularını müdafiə edirdilər. Ermənilər müsəlmanların, müsəlmanlar isə ermənilərin evinə girdikdə özlərini əmniyyətdə hesab edirdilər. Bakı polisinin əsil siması atışmanın birinci günündə meydana çıxdı. Qoşun dəstələri, içərisindən güclü güllə atılan erməni evlərini gülləyə basdı. Vasya qızı İçərişəhərdəki mənzilinə gətirdi. Qızı faytondan düşürəndə həyətdəki azərbaycanlı qadınlar faytonu aralığa alıb bir-birinə deyirdi: – Gözəl qızdır. – Erməni qızıdır... – Hayıf bu gözəllikdə qız Vasya kimi ac bir oğlanın əlinə düşübdür. – Xatası vardır. Bilmirəm nə üçün bura gətirib... Əsgər bütün bu danışıqları Vasyaya başa saldı. Vasya qadınlara dedi: – Konkada özündən getmişdi. Yazığımız gəldi, qız uşağıdır, ayaq altında qoyub qaçmaq namusumuza sığışmadı, götürüb gəldik. Ayılar, aralıq sakit olar, yenə də aparıb ailəsinə tapşırarıq. Qızı gətirib Vasyanın yoxsul taxta çarpayısına uzatdılar. Azərbaycanlı qadınlar dəsmal isladıb onun başına qoydular, qollarını sıxdılar, boğazına su tökdülər, qız dərin bir ah çəkərək yavaş-yavaş gözlərini açdı. Əsgər vidalaşıb gedərkən Vasyaya dedi: – Vasya, ehtiyatlı ol ha!.. Elə elə ki, bu günkü tarixi ləkə bizim ətəyimizə sürtünməsin! Qızla namusla davran. Vasya gülərək: – Uşaqsan nəsən? — deyib bir papiros yandırdı. Vasya evdə otura bilməyəcəkdi, bayıra çıxmaq və şəhər içində qalan yoldaşlardan xəbər tutmaq lazım idi. Qızı həyətdəki azərbaycanlı qadınlara tapşırıb getdi. Vasya, şəhərə çıxanda atışma səsi gəlməyən küçə yox idi. Bakının damlarından güllə yağış kimi yağırdı. İçərişəhərə gələnlərin, bir tərəfə soxulmaq istəyənlərin həddi-hesabı yox idi. Krasilnikovun, Kersakovun, Melikovun, Tağıyevin evlərinin damından atılan güllələrin kimə və hansı tərəfə atıldığı aydın deyildi. Daşnaklar «Madrid» mehmanxanası və Mayılovun evlərini hərbi ştab şəklinə salıb şəhərə güllə yağdırırdılar. Çar məmurları və erməni-müsəlman varlılarının fitnəsinə qurban olmuş idraksız müsəlmanlar erməniləri, daşnakların həyasız təbliğatı təsirinə düşən ermənilər isə müsəlmanları gülləyə basırdılar. Erməni və müsəlman burjuaziyası həyəcanlı dəqiqələr keçirirdi. Bir-biri ilə rəqabət aparan hər iki tərəfin burjuaziyası qələbənin kimin tərəfində olması ilə maraqlanırdı. Hacı da maraqlanırdı. O, atışma səslərini eşitdiyi zaman general Nakaşidzenin süfrə başında dediyi sözlərin, verdiyi vədlərin doğru olub-olmadığını, həyata keçirib keçirilməyəcəyini yoxlamağa çalışırdı. Hacı qırğın başlandığı dəqiqədən telefonun yanından qırağa çəkilmirdi. Telefonun zəngi qəfildən səsləndi, Hacı diksindi, əli titrəyə-titrəyə dəstəyi götürdü, fabrik müdiri Hacı Məmmədlə danışmağa başladı: – Sənə yenə də tapşırıram ki... qapıda bir neçə qarovul qoyarsan, məbada, məbada Hacı Mir Ağanın oğlunu, onu, o nəsəyid köpək oğlunu fabrikin həyətinə girməyə qoyasan! Sən qarovula tapşırarsan ki, o haramzada oğlunu qapıda görən kimi vurub öldürsün. İndi sənin xəyalın əvvəlki vaxtlara getməsin. Qoy vurub öldürsün. Anla nə deyirəm! Mən bir iş bilməsəm və əlim bir yerə bağlı olmasa, demərəm. Vursun öldürsün, cavabını mən verəcəyəm! — Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı: — Yəni necə içəri giribdir?.. Hə?.. Hə?.. Bəs siz ölmüşdünüz?! Yuxulamışdınız? Keflənmişdiniz?! Bəs mən qarovulu nə üçün qapıda qoymuşam? Bəs mən ona ətək dolusu pulu nə üçün verirəm? Bəs mən nə üçün icazə alıb tüfəngi onun əlinə vermişəm?.. Sizə yenə də əmr edirəm hamılıqla çalışıb o köpək oğlunu həyətdən bayıra çıxardın! Getdiyim Məkkəyə and olsun, bilim ki, o bic haramzadanı mitinq eləməyə buraxmısınız, sizsiz mənəm! Daha məndən inciməyə haqqınız yoxdur. Bildin ki?! Hacı bu tapşırıqları verdikdən sonra yenə də əlləri titrəyə-titrəyə dəstəyi qulağına tutub dinləməyə başladı, az sonra qışqırdı: – Necə? Mitinq? Fabrikdə? Danışır? Vaj sizin yediyiniz çörək haramınız olsun! Elə isə dilinizi əlinizdən almayıblar ki, çıxıb siz də danışın!.. Necə, qorxursunuz, kimdən?.. Qulaq asın! Bax sizə necə ki, deyirəm, elə də çıxıb danışanda fəhlələrə deyərsiniz! İstəyirsiniz dediklərimi yazın. Bunun üçün də asta-asta deyirəm, yaz: — Hacı millətin babasıdır! Yazdın ki? İndi də bunu yaz: Hacının bütün fikri, bəli bütün fikri, hə, hə, bütün fikri... ada fikri! Kar deyilsən ki?! Hə, fikri və Hacının bütün çalışdığı... hə, hə, hə... bütün çalışdığı... Elədir, yaz: bütün çalışdığı... müsəlman millətinin və müsəlman dininin xoşbəxtliyi üçündür. Bəli, xoşbəxtliyi üçündür. Pah! Sizin kar eviniz yıxılsın... üçündür... üçündür... Yaxşı, yazdın ki?! İndi dalısını eşit! İndiyə kimi... hə, indiyə kimi hər fabrika... ada necə Amirka? Sənə fabrika deyirəm... Hə, indiyə kimi hər fabrika Hacıya qazanmırdı. Barakallah! Qazanmırdı, Hacı qeyrətli... hə, qeyrətli və namuslu... Hə, namuslu bir adam olduğu üçün xariciməzhəblərin... vaj sənin kovdan evin yıxılsın! Mən buna deyirəm xariciməzhəblərin, bu götürüb soruşur ki: xarici məktəblərin... Hə, xariciməzhəblərin qabağından qaçmaq istəmədi. Hə, o yazdığını bir də oxu, nigəran qaldım... Deyəsən yenə də sən mən dediyimi anlamadın. Heç bilmirəm ki, bu fərasət ilə sən necə Məkkəyə gedib qayıtmısan! Mən sənə deyirəm ki, Hacı xariciməzhəblərin qabağından qaçmaq istəmədi. Sən götürüb yazırsan ki: Hacı xarici məktəblərin qabağından keçmək istəmədi... Çox gözəl, indi eşit: Hacı öz mülklərinin gəlirini... yox, yox... mülklərinin gəlinini yox... mülklərinin gə-li-ri-ni! Yazdın ki? Çox yaxşı, dalısını yaz: Fabrikanın zərərinə qoyurdu. Bu fabrika müsəlman millətinin iftixarıdır. Yazdın ki? Ada, sən müsəlmanca bilmirsənmiş ki?! Mən sənə deyirəm ki, fabrika müsəlman millətinin iftixarıdır, sən isə yazırsan: bu fabrika müsəlman millətinin intiharıdır. Vallah sizin yerinizə mən xəcalət çəkirəm! Yaxşı, yubanma dalısını yaz: Hər bir qeyrəti, namusu, milli ruhu olan müsəlman fabrikanı öz göz bəbəyi kimi qorumalıdır. Yox, yox, necə yəni öz bəbəyi kimi qorxmalıdır? Öz göz bəbəyi kimi qo-ru-ma-lı-dır. Hə, barakallah! Elədi ki, var. Bu sözü diqqətlə yaz: Fabrikanın əleyhinə çıxanlar xaricilərin şpionlarıdırlar. Yazdığını oxu görüm! Hacı bir az qulaq verəndən sonra acı-acı gülüb yanında oturan Rəsulova dedi: – Mən deyirəm ki, fabrikanın əleyhinə çıxanlar, xaricilərin şpionlarıdırlar, bu bic oğlu bic də yazır ki, fabrikanın həyətinə çıxanlar, Hacıların şeypur çalanlarıdırlar. Hacı uzun-uzadı danışaraq, aşağıdakı sözləri telefonla dedi: – Xarici bu fabrikanı dağıtmaq istəyir. Çünki bunda da müsəlmanların belini sındıracaqlar. Bunun üçün də nə qədər zərər olur-olsun, Hacı fabrikanı bağlamaq istəmir. Hacı hökumət ilə baş-başa vurur. Fabrikaya başqa millətlərdən ondan ötrü götürməmişdir ki, bir parça çörək varsa, öz millətinə versin! Bir həftədir ki, injenerləri çağırıb tapşırmışdır ki, fəhlələrin evlərini düzəltsinlər, həyətləri təmizləsinlər. Hacı tapşırmışdır ki, evlərdən çıxan çirkab sularını dənizə aparmaq üçün yol açsınlar. Hacı əmr vermişdir ki, beş başdan artıq ailəsi olanlara iki otaq verilsin. Hacı maaşların səkkiz manatdan on manata, on manatdan on iki manata qaldırılması üçün buxalterlərə tapşırıq vermişdir. Müsəlman fəhlələri gərək öz varlılarının bankrot çıxmasına razı olmasınlar. Hacı kimi kişilər yaman gündə millətin arxasıdır. Hacı bu cür sözlərdən uzun-uzadı söylədi, sonra da dəstəyi qoyub yanındakılara dedi: – Bu, nəsəyid oğlu nəsəyid, bir bəla olub düşübdür mənim canıma. Bilmirəm bu haramzadanın əlindən başımı hara götürüb gedim? Qarovula tapşırmışam ki, içəri girmək istəyən kimi bir güllə vur qabırğasına! Köpək oğlu hambal paltarı geyib içəri soxulubdur. Köpək oğlu bir bəla olub mənim xırtdəyimdən yapışıbdır. Telefonun zəngi vuruldu. Hacı tez dəstəyi götürdü: – Bəli, Hacının özüdür. Eşidirəm, cənab qubernator, eşidirəm! Çox nigəranam... Bəli, qorxmağa da haqqım vardır... Nadinc adamlardır, evlərimi yandırarlar... Bu barədə çox razıyam, ancaq damlarım yanmasın... Bəli, bəli... Evi mühafizə üçün göndərdiyiniz kazak dəstəsi özünü çox hörmətli və ədəbli aparır. Başımı çox uca edirsiniz... Bilmirəm ki, mən sizin xəcalətinizdən necə çıxacağam. Gözüm üstə, hər zaman kefiniz istəsə, hazıram!.. Bəli, cənab qubernator, fabrikadan çox nigəranam, oradan telefon almışam ki, bu saatda həyətdə bolşeviklər mitinq düzəldibdir. Qorxuram fabrikanın başına bir iş gələ... çox razıyam! Mühafizə dəstəsi göndərilibsə, daha nigəranlığım yoxdur. Qalan işlər keçib gedər. Cənab qubernator! Mənim sizdən bir xahişim də budur ki, güllə atılan evlərin yandırılması qərarını çıxarmısınızsa, o zaman mənim evlərimin siyahısını qoşun böyüklərinə veriniz; dünən mən o siyahını sizə göndərmişəm. Hərgah evlərimin barəsində onlara tapşırılmışsa, o sizin iltifatınızdan asılıdır. Buna görə də mən bütün müsəlman xalqı tərəfindən sizə təşəkkür edirəm... Çox pakizə! Salamat olunuz! Xanımın əlini mənim əvəzimdən öpərsiniz... Hacı şad halda dəstəyi yerinə qoydu və yanındakılara dedi: – Kişidir, kişi! Sözünün yiyəsidir. Müsəlmanlardan ölən çox azdır. Hələlik ermənilərdən on üç nəfər ölübdür. Hökumət müsəlmanları müdafiə etmək üçün əlindən gələni müzayiqə etmir və yenə də etməyəcəkdir. Qoşun dəstələri özünü çox pakizə aparır. Qulluqçu içəri girib, bir nəfər zabitin Hacı ilə görüşmək üçün gəldiyini xəbər verdi. Zabit içəri girdiyi zaman müsəlmanları qardaş qanına boyamaq və vətəndaşları bir-biri üzərinə saldırmaq istəyən «rəhbərlər» də Hacının yanında oturmuşdu. * * * Axşam idi. Hər gün olduğu kimi axşam siqnalını verən azan səsi və kilsə zəngləri səsi eşidilmirdi, bunları güllə səsi əvəz edirdi. Bakı şəhərinin üstünə çökməkdə olan qaranlıq, yanğınlarının tüstüləri qanadlarını milyonçular Bakısının üzərinə açan böyük bir xəyanətin kabusu kimi baxırdı. Gecə idi. Ay çıxmamışdı. Ulduzlar parlayırdı. Elektrik fənərləri yanmırdı. İşıq buraxıldıqdan yarım saat sonra, qaranlıqda iş görmək istəyən oğrular, quldurlar, milli qırğınlarda iştirak edənlər, elektrik lampalarının hamısını güllə ilə vurub qırmışdılar. Qara fikirləri, işıqda həyata keçirmək olmazdı. Erməni və müsəlmanların bu günə məxsus «qəhrəmanları» öz dəstələri və öz silahları ilə küçələrə çıxmışdı. Hansı pəncərədən işıq gəlsə, ora yüzlərcə güllə atılırdı. Vasya yoldaşlarından bir parası ilə görüşdükdən sonra evinə dönmüşdü. Mənzilinə gətirdiyi qızın nə vəziyyətdə olduğundan xəbərdar deyildi; erməni qızının müsəlman həyətində nə cür yaşaya biləcəyi barəsində müəyyən bir fikrə gələ bilmirdi. Həyətə girdikdə mənzilin pəncərəsindən lampa işığı gəldiyini gördü. Qız pəncərədə oturmuşdu. Vasya otağa girdi; qız tez ayağa qalxıb salam verdi. – Məni ölümdən qurtarmaq üçün bu mənzilə gətirən sizsinizmi? — deyə soruşdu. – Bəli, mənəm. Sizi bu yoxsul otağa gətirən mənəm. Sizi bu fəqir mənzilə qonaq gətirməkdən məqsədim öz insanlıq vəzifəmi yerinə yetirməkdir. Mən bununla sizə kömək etmək istədim. Bilmirəm, siz bu köməkdən razı qalacaqsınız ya yox? Evinizi tanısaydım, sizi evinizə aparardım. Bilmirəm, siz mənim bu fəqir mənzilimdə keçirdiyiniz saatların əziyyətini unuda biləcəksinizmi? – Fəqirlik insanın mənzili ilə deyil, öz şəxsiyyəti ilə ölçülür. Zənnimcə, sizin mənziliniz nə qədər yoxsul və fəqir olsa da, şəxsiyyətiniz o qədər zənkin, mənəviyyatınız isə daha yüksəkdir. Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. Lakin evimizə nə cür qayıdacağımı bilmirəm. Onlar mənim harada qaldığımı, diri olub-olmadığımı bilməyəcəklər. Bunun üçün də nigaran qalacaqlar. – Eviniz yaxın olsaydı, sizi aparardım. – Bəlanın böyüyü də evimizin yaxında olmamasıdır. Biz Balaxanı — Sabunçu dairəsində yaşayırıq. Mən güllə səsini eşitdikcə, bir daha evə qayıtmaq ümidlərini unuduram. Mən bir necə kərə şəhərə gəldiyim vaxt tanış evlərdə keçələmişəm. Lakin bu gecə başqa gecədir! Xüsusilə anam böyük bir həyəcan keçirəcək, yolumu gözləyəcəkdir. Qız susdu, uzun zaman danışmadı. Vasya da onun qeydinə qalıb düşünürdü. Qızın çıxılmaz vəziyyəti, Vasyanın özünü də çıxılmaz bir vəziyyətdə qoymuşdu. Xeyli düşündükdən sonra Vasya qızdan soruşdu: – Mən Balaxanı — Sabunçu dairəsində bir çox ailələri tanıyıram. Siz hansı ailədənsiniz? Qız başını qaldırıb düşüncəli qara gözləri ilə Vasyaya baxdı, sonra baxışları dizlərinə endi. Xeyli fikirləşdikdən sonra başını tərəddüdlə qaldırıb Vasyanın üzünə bir daha baxdı: – Ailəmiz məşhur ailədir, — dedi. – Familiyanız? – Mən Şendrikovun ailəsindənəm. – Şendrikovun? – Bəli, Şendrikovun, İlya və Lev mənim qardaşlarımdır. Vasyanı heyrət götürdü. Doğrudan da o, bu təsadüfə heyrət etməyə bilməzdi. Qız ikinci kərə əlini Vasyaya uzadıb dedi: – Biz ikinci kərə tanış olmalıyıq. Susanna Şendrikova! Vasya onun əlini sıxıb oturdu. Düşünməyə başladı və özünə dedi: «Bu qız necə olsun? Bunların ailəsi necə olacaqdır? Bilmirəm bu qırğınlar Balaxanı — Sabunçu dairəsinə təsir etmişmi?». Qız birinci kərə gördüyü adamı gözdən keçirmək üçün göz qapaqlarını qaldırıb baxdı. Sonra otağa göz gəzdirdi. Otaq olduqca sadə idi. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: künc-bucağı, tavanı hörümçək toru basmışdı. Maxorka tüstüsündən tavan və divarların rəngi tamamilə dəyişmişdi. Evin vəziyyəti bir yoxsulun, ailəsiz bir yoxsulun evinə oxşayırdı. Otaqda gözə çarpan təmiz bir şey vardısa, o da taxta çarpayıda olan yatacaqdı. Vasya çox yoxsul və öz həyatı barəsində çox laqeyd olmasına baxmayaraq, yorğan-döşəyinə çox diqqət verirdi. Otaqda bir də yemək qabları və çay stəkanı vardı. Qız onun mənzilini gözdən keçirirdi. Vasya da çay hazırlayır, küçə dükanlarından aldığı yemək şeylərini stolun üstünə düzürdü. Susanna birinci təklifdə heç bir tərəddüd göstərmədən stolun başına oturub yeməyə başladı. O, ac idi, səhərdən bəri heç bir şey yeməmişdi. Yedilər, çay da içdilər. Vasya tez-tez bayıra çıxıb yenə qayıdırdı. Susanna bu çıxışının papiros çəkmək üçün olduğunu duyub dedi: – Papirosu otaqda çəkin; mənim üçün fərqi yoxdur. Evimizdəkilərin çoxu papiros çəkir, mən artıq buna adət etmişəm. Vasya bir papiros da düzəldib otaqda çəkdi. Yenə də səssizlik mənzili bürüdü. Onların heç birisi danışmağa söz tapa bilmirdi. Axırda Susanna Vasyadan soruşdu: – Paltarlarınız fabrik-zavod fəhləsi olduğunuzu göstərir. Lakin yenə də bilmək istərdim, harada işləyirsiniz? – Nə fərqi vardır? Fəhlə — fəhlədir. Harada işləyir işləsin, o fəhlədir, işləməlidir. Nə qədər qüvvəti varsa işləməlidir. Susanna dedi: – Bəli, işləməlidir, işləməlidir. Lakin nə şəraitdə? İşləmək üçün də əlverişli bir şərait düzəltmək lazımdır. Vasya gülümsədi, qızın geniş söhbətlər üçün giriş aradığını anladı. Menşevik ailəsində böyüyən bu qızın nə kimi bir əqidə daşıdığını bilmirdi. Buna görə də ona verəcəyi cavabları əvvəlcə lazımınca ölçüb-biçirdi. Qızın sözünü cavabsız buraxmamaq üçün dedi: – Şərait yaradanlar başqa, biz isə başqayıq. Bəlkə də bizim gedimizə qalanlar tapılacaqdır. Susanna sanki bu sözlərdən xoşlanmadı və Vasyanın üzünə təəccüblə baxdı: – Sözün doğru sözdür, — dedi, — lakin fəhlənin özü də yaxşı şərait yaratmaq üçün çalışmalıdır. Fəhlənin iştirakı olmadan onun rəhbəri də onun həyatının yüngülləşməsi işində müvəffəqiyyət qazana bilməz. Fəhləsiz rəhbər — qoşunsuz komandir kimidir. Vasya qızın söhbət üçün əlverişli bir giriş əldə etdiyini hiss etdi və ona geniş söhbətlər üçün imkan yaratmaq məqsədi ilə dedi: – Hələlik hərəkatın rəhbərlik məsələsi müəyyən edilməmişdir. Məncə, indi gedən mübarizənin özü də rəhbərliyin kimlərə məxsus olması üzərində gedir. Hələlik hər kəs fəhlələrin adından danışır. Xətti-hərəkət üzərində gedən bu ciddi mübarizədə hansı tərəfin qalib çıxa biləcəyini, fəhlələrin hansı tərəfdə toplanacağını və çoxluğu kimlər təşkil edəcəyini bilmək də mümkün deyildir. Susanna özünü düzəldərək dedi: – Sənin bu fikrin həqiqətlə dolu bir fikirdir. Təəssüf ediləcək bir məsələ vardır ki, o da bundan ibarətdir: istismarçı qüvvələr mütəşəkkil bir vəziyyət aldığı halda, fəhlə sinfini istismar üçün hər bir vasitədən istifadə etdiyi bir zaman fəhlə rəhbərlərinin xətti-hərəkət məsələsi üzərində apardıqları mübarizə olduqca yersiz və zərərlidir, çünki bu mübarizə fəhlələrin tərəddüddə qalmasına səbəb olur. Fəhlələrin bir hissəsi — fəhlə hərəkatı məsələsinə iki rəhbərin bir-birinə üstün gəlmək mübarizəsi kimi məna verir, burjuaziyanın göstərdiyi yol ilə getməyə məcbur olur. Məncə, partiyalar arasında məfkurə və xətti-hərəkət uğrunda mübarizə nə qədər doğru və yerli olsa da, hali-hazır üçün mənfi nəticədən başqa bir şey vermir. Tarixdən alınan təcrübələrin hamısı mübarizə üçün şərait və zamanın müsaid olub-olmadığının birinci rol oynadığını göstərir. Bu günkü hadisələrdən aldığımız təcrübələr və xüsusilə zaman və şəraitin yaratdığı vəziyyətdən əldə etdiyimiz həqiqətlər xətti-hərəkət üzərində mübarizə aparanların ən əsas məsələləri unutduğunu, şəraitlə həsablaşmadığını göstərir. İndi çar hökumətinin geniş bir xəyanəti maneəsiz həyata keçirməsinin birinci səbəbi də fəhlə hərəkatı rəhbərlərinin daxili məsələlərlə məşğul olmamasıdır, partiya xaricində görülən təşəbbüslərə qarşı tədbirlər görməməsidir, zəminəsi çoxdan bəri hazırlanmağa başlanmış olan bu günkü hadisələrin qarşısını ala bilməməsidir. Vasya nə gözünə, nə də qulaqlarına inana bilirdi. Kənc qızın hazırkı hərəkət haqqında ortalığa atdığı fikirlər mürəkkəb və başqıcəlləndirici fikirlər olduğundan, Vasya bu barədə nə deyəcəyini bilmirdi. Hələ bu söhbətlərdə qızın hansı cərəyana mənsub olduğunun aydın olmaması da Vasyanı düşündürürdü. Qız bolşevikmi, menşevikmi? Bunu Vasya təyin edə bilmirdi. Buna görə də Susannaya belə bir sual verdi: – Sizin fikrinizcə, bu ixtilafı törədən kimlərdir? Susanna yenə də öz əqidəsini aydın edəcək bir cavab vermədi. – Kim olacaqdır? İxtilafı törədən bolşeviklər və menşeviklərdir. Vasya öz əqidəsini ona bildirməyərək dedi: – Bunlar birləşməyi bacarsaydı, biz də bu günkü fəlakətləri görmədik və təhlükə qarşısında qalmazdıq. Susanna: – Bax, mənim də dediyim elə budur, — dedi. — Bu maçaranın qabağını vaxt ikən almış olsaydılar, qüvvətli bir cəbhə iki tərəfə ayrılıb zəif düşməsəydi, işlər də gəlib bu nazik yerə çatmazdı. – Görünür ki, iki tərəfdən birisində nöqsan vardır. Buna heç şübhə etmirəm. – Məsələnin başlıcası da, hansı tərəfin nöqsanlı olduğunu təyin etməkdir. Bu barədə uzun-uzadı danışmaq lazımdır. – Biz buna öz vaxtımızı sərf edə bilərikmi? – Nə üçün edə bilməyək? Biz də bu mühitdə yaşayırıq. Bu mübahisəyə qarışmalıyıq. Vasya bir papiros da yandırdı. – Mən sizə bir sual daha verəcəyəm, — dedi. Susanna cürətlə: – Söyləyiniz! — dedi. – Siyasi düşüncəsi olmayan bir insan öz iqtisadi vəziyyətini lazımınca qoruya bilərmi? Susanna güldü. Bu sözlərlə Vasyanın hansı nöqtəni hədəf etdiyini gözəlcə bilirdi. – İnsanın həyatında siyasətlə iqtisadiyyat bir-birindən asılı, bir-birilə əlaqədar olan iki mühüm amildir ki, bunların biri o birisiz inkişaf edə bilməz. Xüsusilə siyasi düşüncəyə malik olmayan bir insanın apardığı mübarizə, nə mündərəcədə olursa-olsun, onda qalib çıxa bilməz. Qız özü bilməyərəkdənmi, Vasyanı çaşdırmaq üçünmü, əvvəlcə qərarlaşdırdığı mövzudan kənara çıxdı. Vasya Susannadan soruşdu: – Bizim aydın etmək istədiyimiz məsələ yarımçıq qalmadımı? Susanna: – Yox, — dedi, — mən nöqsanın hansı tərəfdə olduğunu açıqca söylədim, siz özünüz də onu təsdiq etdiniz. Vasya təəccüblə soruşdu: – Nə vaxt? – Mən dedim ki, siyasətlə iqtisadiyyat bir-birindən asılı, bir-birilə əlaqədar olan iki mühüm amildir, bunlardan biri o birisiz inkişaf edə bilməz. Burada məsələ aydın olmadımı? Bu iki əlaqədar amilləri bir-birindən ayıranlar müqəssir deyillərmi? Vasya özünü yığışdırdı, qıza verdiyi cavablarında ehtiyatlı olmağa başladı. O, menşevik bir adamın bacısının bolşevikcəsinə mühakimə etməsindən şübhələndi, qızın onu öyrənmək üçün zəminə hazırladığını zənn etdi. Bütün sözlərində bolşevik tərəfdarı görünən bu qız uzun-uzadı danışdı; lakin bu sözlər, bir müəllimin öz əqidəsi ilə əlaqədar olmayan fəlsəfə dərslərini deməsinə oxşayırdı. Gecə keçirdi, qızın yuxusu gəlirdi. Vasya bunu duyub Susannaya dedi: – Xanım qız, biz iki şeydən birisini etməliyik: ya siz qonşuya gedəcəksiniz, mən burada yatacağam, ya da siz burada yatacaqsınız, mən qonşuya gedəcəyəm. Susanna gözlərini geniş açaraq dedi: – Əvvələn budur ki, hərgah bizim tanışlığımız davam edəcəkdirsə, məni bir də «xanım qız» deyə çağırmayın; ikincisi, burada da, qonşuda da yatmaq mümkündür, mənim üçün heç bir fərqi yoxdur. Mən ancaq sizin rahatlığınızı pozmaq istəmirəm. İndi ki, pozmuşam, burada da yatmağıma icazə verin. Vasya paltosunu götürüb evdən çıxdı. Susanna qapını daldan vurub, lampanı söndürdü. * * * Səlyan alayının bir hissəsi və sünkülü kazak dəstələri Hacının evini mühafizə edir, yaxına heç kəsi buraxmırdı. Alay komandiri Kuzminski general Fadeyevdən aldığı xüsusi əmrə görə, Səlyan alayını Hacının ixtiyarına vermişdi. Jenya pilləkənlərdən düşüb küçəyə çıxmaq istədikdə, Hacı onu böyük güzgünün qabağında saxlayıb soruşdu: – A qız, hara getmək istəyirsən? Jenya cavab verdi: – Şəhərdə bir az sakitlikdir. Cənab Əlixanovun xanımı Zərrintac xanımın evinə gedirəm. Hacı: – Qayıt yuxarı, qızım, — dedi, — sakitlik-zad yoxdur. İndi bu saat yenə atışacaqlar, bu gün evdən heç kəs bayıra çıxmamalıdır. Jenya, Hacının sarayında verilən qərarlar haqqında yoldaşlarına xəbər verə bilməyəcəyindən kədərləndi, ümidsizcəsinə yuxarı qayıtdı. Paltosunu çıxarıb öz yerinə asmamışdı ki, şiddətli atışma səsləri gəlməyə başladı. Fevral ayının yeddinci günü Bakıda erməni-müsəlman qırğınının şiddətli günü idi. Suraxanski və Krasnovodski küçələrində, erməni kilsəsi ətrafında heç gözlənmədən bərk atışma başlamışdı. Buradakı atışmalar şəhərin başqa hissələrinə nisbətən olduqca təhlükəli idi. Malakan bağı ətrafında başlanmış atışmalar iki saatdan bəri şiddətlə davam edirdi. Hacının öz sarayı ilə yanyana duran bu hissədəki vuruşmaların nəticəsi bəlli deyildi. Hacı həyəcanlı dəqiqələr keçirirdi. Onun bir qulağı telefonda, bir qulağı da yaxında eşidilən atışma səslərində idi. Qara camaatın «rəhbərləri» Hacının yanını kəsib oturmuşdular. Əhalinin böyük təhlükə qarşısında qalmasına səbəb olan bu xainlərin özü də, qonşuluqda davam edən atışma ilə maraqlanırdı. Ağa Bala Quliyev və başqaları qoşunun şəhərə çıxarılmasından və qırğınlara mane olmaq istəməsi şayiələrindən rahatsız olduqlarını Hacıya söyləyir, hökumətə etiraz edirdilər. Hacı özü də qubernatorun və general Fadeyevin verdiyi vədələrə baxmayaraq, həyəcanlı dəqiqələr keçirirdi. İntizar və həyəcan çox uzun çəkdi. Nəhayət, telefonun zəngi səsləndi, Hacının qulağı telefonun dəstəyində, salonda oturanların gözləri isə Hacının ağzında idi. Bu zəngin kimdən və haradan olduğunu bilmək üçün hamı öz diqqətini toplamışdı. Hacının üzündə birdən-birə görünən şadlıq əlaməti onun üzünə baxanlarda da bir şadlıq yaratdı. O, xeyli qulaq asıb, danışmağa başladı: – Eşitdiyimə görə şəhərə çıxarılan qoşunlar müsəlmanların işinə mane olurlar. Hərgah doğru olsa, cənab qubernatorun özü də bu işdə məsuldur. Bundan əlavə, şəhərdə nə olduğundan xəbərim yoxdur. Bunu bizdən gizlətmək də doğru deyildir. Hacı bu sözləri dedikdən sonra dəstəyi bir necə dəqiqə qulağında saxlayıb dinlədi. Bir əli yorularkən dəstəyi o biri əlinə alırdı. Üzündə narazılıq əlamətləri görünürdü. Bu, Hacının qonaqlarına da təsir etdi. Onlar bir-birinin qulağına pıçıldamağa başladılar. Salonda dərin bir səssizlik var idi. Hacı dəstəyi acıqlı bir surətdə yerinə qoyub salondakılara dedi: – Mən çox savadsızam, amma nə qədər savadsızamsa, bir o qədər də təcrübəliyəm. Mən savadsız ola-ola əbəs yerə Hacı Zeynalabdın Tağıyov olmamışam. Mənim həyatım təcrübələr süzgəcindən keçib saflanmış bir həyatdır. Mən hadisələrin qəlbirindən keçmişəm. Bunun üçün mən bu müsəlmanları hər kəsdən artıq tanıyıram. Mən hər zaman bu milləti məzəmmət eliyəndə bizim ruhanilərimiz elə bilir ki, mən dinsiz olduğum üçün müsəlmanları bəyənmirəm, yainki ruslara xoş gəlmək üçün öz dinimi pisləyirəm. Müsəlmanların dəyərsizliyi barəsində dediyim sözlərin hamısı bu iki günkü erməni-müsəlman qırğını vaxtında təcrübədən keçirildi, tamamilə doğru çıxdı. Bunlar öz dinlərini atıb, bolşeviklərin sözünü tuturlar, dostlarını, düşmənlərini tanımırlar. Odur ki, bu müsəlmanlara rəhbər olmağın özü də axmaqlıq və şərəfsizlikdir. Mən bunu Şeyxəlislamın və qazı Mir Məhəmmədkərimin də yanında demişəm, sizə də deyirəm: bu müsəlmanlar ayrı cür də ola bilməzlər, çünki onlar cürbəcür millətlər yığınından ibarətdirlər. Bunlar bir neçə kərə dinlərdən dinlərə keçən və müxtəlif səbəblərə görə dinini başqa bir dinlə əvəz edənlərin nəslidir. Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq — cahillik və axmaqlıqdır. Bu müsəlmanlar bir hissəsi pul, bir hissəsi cənnət xatirəsinə, bir hissəsi də cəhənnəm qorxusundan müsəlman olanların nəvələridirlər. Bunların qanları da, əqidələri də, düşüncələri də sürüşkəndir. Bu sözlər Hacının ağzından birinci kərə deyil, çox tez-tez eşidilirdi. Buna görə də salonda oturanlara bir təsir buraxa bilmirdi. Salondakıların marağını cəlb edən şey, Hacının acığlanması idi. Hacı acıqla ayağa qalxıb gəzinməyə başladı. Salonda oturanlardan bir çoxu tısbağa kimi başını qınına çəkib qorxu ilə baxırdı. Musa Nağıyev su qırağındakı otların altına girən qurbağa kimi kiçik gözlərini həddindən artıq bərəldərək baxırdı. Hacı bir necə kərə o tərəf-bu tərəfə getdikdən sonra salondakıları gözdən keçirib dedi: – Alçaqlar! İdraksız, mərifətsiz, şüursuz tör-töküntülər! Hacı bu sözləri dediyi vaxt Əlimərdan bəyin üzünə baxırdı, salonda oturanlardan bir çoxu bu sözlərin Əlimərdan bəyə aid olduğunu zənn edərək təəccüb etməyə başlamışdı. Hacı sözünün gərisini deməmiş olsaydı, Əlimərdan bəyin özü də başqaları kimi düşünəcək idi. Hacı sözünə davam etdi. – Bu müsəlmanlar mənim bildiyim kimidirlər. Bu alçaqlar öz düşmənlərini müdafiə edirlər. Erməniləri dəstə ilə evlərinə doldurub müdafiə edirlər. Görün bir iş haraya yetişmişdir ki, cənab qubernatorun da bu işə acığı tutmuşdur. Cənab qubernatorun özü də bu millətin nə cür millət olduğuna təəccüb edir. Salondakılar, suda öz şəklini görən qazlar kimi boğazını uzadaraq Hacıdan soruşdular: – Necə yəni müsəlmanlar erməniləri müdafiə edirlər?! Hacı papağını qaldırıb, adəti üzrə əlini başına çəkdi, saqqalını tumarladı, narazı bir halda dedi: – İndi mən telefonda cənab qubernator ilə danışırdım. Cənab qubernator müsəlmanların erməniləri evlərinə doldurub müdafiə etdiyindən şikayətlənirdi. İndi bu saat Səlyan alayının polkovniki Kuzminski məruzə üçün bura gələcəkdir. Onun dediklərindən müsəlmanların ağılsızlığını görəcəksiniz; bu millətin doğrudan da ölməli bir millət olduğunu təsdiq edəcəksiniz. Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. Biz bu gün yalnız Bakı məsələsini deyil, bütün Qafqaz məsələsini həll edirik. Bu günlərdə hər kəs qalib gələcəksə, gələcəkdə Bakının ağalığı da onun əlində olacaqdır. İşi bu yerə gətirib çıxarınca yüzlərlə bizim kimi adamlar baş sındırmışdır. Mən istəmirəm ki, ermənilər Tiflisi yeyən kimi, Bakını da bizim əlimizdən alıb yesinlər. Mən istəmirəm ki, Bakı evlərinin doxsan beş faizi erməni varlılarının əlində olsun. Bizim arxalandığımız uzunqulaqlar bunu anlamır, bu məsələyə əhəmiyyət vermirlər. Səlyan alayı komandiri Kuzminskinin gəldiyini xəbər verdilər. Hacı polkovniki çox ehtiramla qəbul etdi. Oturdular. Söhbət başlandı. Alay komandiri dedi: – Fevralın altısında baş verən hadisələr haqqında danışmayacağam. O barədə Hacı cənablarına müfəssəl məlumat verilmişdir. Hacı cənabları icazə verərsə mən ancaq bu günkü hadisələr haqqında qısa məlumat verəcəyəm. Bu günkü hadisələr dünənki hadisələrə heç də bənzəmir. Bu günkü hadisələr dünənki hadisələrin davamı da deyildir. Dünənki hadisələr yüngül vuruşmalar idi. Bu vuruşmalar hər iki tərəfin hazırlanmasına səbəb oldu. Hökumətin milli müharibələrə bitərəf baxması və qırğının qabağını almaması istər erməniləri, istərsə müsəlmanları hazırlıq görməyə məcbur etdi. Bu gün ermənilər tərəfindən başlanmış atışma olduqca hazırlıqlı və mütəşəkkil idi. Bunları nəzərə alaraq mən vəziyyətin ciddi olduğunu anladım, şəhərə sayı on nəfərdən artıq olmayaraq qoşun dəstələri çıxardım. Bu barədə cənab general Fadeyevin icazəsini almışdım. Cənab generalın verdiyi əmrə görə güllə atılan erməni evlərini gülləyə basmaq lazım gəlirdi. Qoşun dəstələri, küçələrdə azad gəzən müsəlmanların hərəkətinə heç də mane olmamışdır, bu dəstələr azad hərəkəti daha da asanlaşdırmışdır. Bunu da qeyd etməliyəm ki, atışma nəticəsində müsəlmanlardan da ölənlər az deyildir. İndiyə kimi küçələrdən 50 nəfərə qədər erməni meyiti götürülmüşdür, evlərə aparılan meyitlər bu hesaba girmir. Müsəlmanların da meyitləri evlərə aparılmışdır. Hər halda ölənlər çox azdır. Biz atışmaların əvvəllərində ermənilərdən çox tələfat gözləyirdik, lakin bizim fikrimizin əksinə oldu. Bunun səbəbini biz müsəlmanların özündə aramalıyıq. Biz ermənilərin çoxu tələfat verəcəyini nəzərə aldığımız hissələrdə müsəlmanlar erməniləri doxsan faiz mühafizə etdilər. Halbuki, müsəlmanların əlində onları yüz faiz qırıb məhv etmək imkanı var idi. Müsəlman qadınları erməniləri evlərinə doldurub qapını kəsdilər. Lakin erməni hissələrində olan müsəlman mağazinlərinin yüz faizi talanmışdır. Minas Simonyans, Muqdusi Oqanesyan və Ayrapetyan qardaşlarının dükanını müsəlmanlar qarət edib malını aparırkən pristavlardan bəziləri tərbiyəsizlik edib buna mane olmuş, lakin yaxında duran iyirmi nəfərlik kazak dəstəsinin zabiti onları qandırmış, pristavlar da səhvlərini dərhal düzəltmişlər. Hər halda müsəlmanların tam bir qələbəyə malik olmamalarına səbəb öz avamlıqları, düşüncəsizlikləri olmuşdur. Mən özüm Krasnovodski küçədən keçirkən yenə bir nəfər pristavın dükanın dağıdılmasına mane olduğunu gördüm. Bakı polis müdirinə bu barədə qəti tapşırıq verildiyi üçün bütün ədəbsizliklərin qabağı alındı. Mən onu demək istəyirəm ki, möhtərəm Hacı rahatsız olmasın. Ancaq Hacı cənablarından rica edəcəyimiz bir şey varsa — o da müsəlmanların sadə və avamcasına hərəkətlərinə nəhayət verməkdən ibarətdir. Belə olsa, xainlər bizim öz əlimizlə ölümdən və qarətdən yaxalarını qurtara biləcəklər. Ümumiyyətlə demək olar ki, Krasnovodski və Suraxanski küçədə yaşayan ermənilərin burnu da qanamamışdır. İşlər belə gedərsə, müvəffəqiyyətin uduzulacağı şübhəsizdir. Baş verən uyğunsuz hallardan birisi də budur ki, 195 nömrəli evdə Akim İsayeviç kimi bir müsəlman düşmənini öz ailəsilə bərabər Ağa Kişi Əliyev, Hüseynqulu Kəblə Abdulla oğlu evinə salıb qorumuşdur. Bunların hamısının adı yazılıb lazımi yerlərinə göndərilmişdir. Malakan bağının yanında yaşayan Ağa Dadaş Vəliyevin xəyanəti nəticəsində Mixail Artemyan, Babaçanov, Sərkis Oqanesov, Arşaq Durniyan və sairələri öz ailələri ilə bərabər ölümdən qurtarmışlar. Hələ erməni tələbələrini öz evlərində mühafizə edənlərin həddi-hesabı yoxdur. Hələ Arzumanovların müsəlmanlar tərəfindən saxlanılması daha təəssüf ediləcək hallardandır. Karaxanyansla əlli nəfər də başqa erməniləri dörd nəfər müsəlman arvadı evdə gizlətmişdir. Halbuki, erməni evlərində mühafizə olunmaq üçün saxlanan müsəlmanların hamısını daşnaklar kəsmişlər. Müsəlmanlar isə onları yedirib saxlamaqdadırlar. Alay komandiri sözünü bitirdikdən sonra Hacı soruşdu: – Mədən və fabrik-zavod dairələrindən nə xəbəriniz vardır? – Fevralın altısında olan hadisə mədən dairələrinə o qədər də dərin sirayət edə bilməmişdi. Ancaq Balaxanı—Sabunçu və Ramana dairələrində tək-tək öldürmə hadisələrinə təsadüf olunmuşdur. Başqa rayonlardan hələlik məlumat yoxdur. Hacı təkrar soruşdu: – Balaxanı—Sabunçu dairəsində hərəkatı kim idarə edir? – Maştağalı Pəhləvan, buruq ustası, iranlı Məşədi Şaban və Qala kəndi sakini Hacıbala. Ermənilər tərəfindən silahlı daşnaklar vardır. Ermənilərə məxsus mədənləri silahlı dəstələr qoruyur. Şəhərlə mədən dairələrini birləşdirən yolların hamısı Səlyan alayı hissələri əlindədir. Atlı kazak dəstələri də vardır. Mədənlərdə iş tamamilə dayanmışdır. Fabrik və zavodlar da işləmir. Məruzəmdə göstərdiyim məlumat bu gün saat on ikiyədək alınmış məlumatdır, bunların hamısı müxtəlif raportlardan götürülmüşdür. Son hadisələr haqqında cənabınıza xüsusi raport verəcəyəm. Kuzminski məruzəsini bitirdi. Hacının evinin qoruğunda duran zabitlər otağına keçdi, öz yazı işləri ilə məşğul olmağa, Hacının telefonu ilə lazımi yerlərlə danışmağa başladı. * * * Jenya Bakının başına gətirilən fəlakətin haradan göyərdiyini görür, danışılan sözlərə qulaq asırdı, lakin eşitdiklərini yoldaşlarına xəbər vermək imkanını əldə edə bilmədiyindən ilan vurmuş adam kimi qovrulurdu. O, doğrudan da hökumətin müsəlmanlar tərəfini saxladığına və müsəlmanların dostu olduğuna inanmağa başlayırdı, çünki o, hökumətin müsəlmanlara göstərdiyi simasını görür, lakin ermənilərə göstərdiyi simasını görmürdü. Jenya bilmirdi ki, çar hökuməti millətlərin qardaşlığını pozmaq üçün erməni və müsəlman burjuaziyası arasında olan rəqabətdən də istifadə edir. Jenyanın zehnində bir düşüncə yerləşmişdi: ermənilər Zaqafqaziyada mədəni və bacarıqlı bir xalqdır. Onlardan həmişə hökumətə qarşı üsyanlar və çıxışlar gözləmək mümkündür. Buna görə də onları müsəlmanların vasitəsilə məhv etmək istəyirlər. Doğrudan da ermənilər müsəlmanlara nisbətən siyasi duyğularla silahlanmışdılar, lakin bu erməni-müsəlman qırğınının əsas cəhətini təşkil etmirdi. Çar hökumətini rahatsız edən başlıca şey — müsəlman və erməni fəhlələrinin bolşeviklərin rəhbərliyi ilə təşkil olunub, həmrəylik və qardaşlıq əmələ gətirmələri idi. 1903-cü ilin iyul və 1904-cü ilin dekabr tətilləri və bu tətillərdə fəhlə sinfinin həmrəyliyi çar hökumətinin diqqətini Bakıya cəlb etmişdi. Xüsusilə son zamanda müsəlman fəhlələrinin fəallığı hökuməti qorxuya salmışdı. Gənc Jenya çar hökumətini tanısa da, onun xainliyinin və riyakarlığının iç üzünü lazımınca bilmirdi. Kuzminski zabitlər otağına girəndə Jenya da xanımın yataq otağına tökdüyü paltarları yığışdırırdı. Jenya Kuzminskinin oynadığı rolla çox maraqlanırdı. Kuzminskinin, zabitləri kabinetdən bayıra çıxarıb təkbaşına məşğul olması gizli bir məqsədlə əlaqədar olmamış deyildi. Kuzminski olduğu otaq Hacının iş otağı idi. Jenya bir şey hiss etdi və bu hisslə də telefonun yanına yüyürdü. Bir neçə saniyə telefona diqqətlə baxdı. Hacının iş otağındakı telefonun həmişə xanım tərəfindən nəzarət olunduğu üçün xanımın yataq otağında da xüsusi dəstək asılmışdı. Hacı neçə kərə buna etiraz etmişdisə də, xanım bu nəzarətdən əl çəkməmişdi. O, həmişə Hacının kimlərlə danışdığına nəzarət edir, xoşuna gəlməyən adamlarla Hacının danışmasını qadağan edirdi. Jenya qorxa-qorxa dəstəyi götürüb qulaq asmağa başladı. Kuzminski telefonla danışırdı, ancaq kiminlə danışdığı məlum deyildi. Jenya dəstəyi qulağında tutub dayandı. Kuzminski deyirdi: «Necə ki, cənab Fadeyev buyurmuşdur, elə də etmişəm. Sizin passajı kazaklar mühafizə edir. Nikolayevski küçədə olan dükanlarınız da silahlı soldatların mühafizəsi altındadır. Stanislavski küçədə gəzən qoşun dəstələri də ermənilərin hərəkətinə asanlıq və imkanlar yaratmışdır. Bolşaya morskaya və Telefonnı küçələrindəki hadisələrdə qoşun hissələri özünü çox ədəbli aparmışdır. Lakin bəzi ermənilərin müsəlmanları öz evində saxlaması erməni xalqı kimi mədəni bir xalqa heç də yaraşan iş deyil. Halbuki, müsəlmanlar erməniləri qorumaq bəhanəsi ilə evlərinə doldurub kəsirlər. Suraxanski küçədə və Malakan bağı yanlarında yaşayan müsəlmanlar bir çox erməni ailələrini aldadıb evlərinə aparmış, məhv etmişlər. Mən hər halda aldığım tapşırığa görə cahil müsəlmanların qalib çıxmamasına çalışıram. Siz də öz tərəfinizdən təsir etməli, sadə qonşuluq nəzakəti göstərən və müsəlmanları qoruyan erməniləri intizama çağırmalısınız. Hər halda, cənab Lalayev bizim səmimi sədaqətimizdən əmin olmalıdır. Yanınıza gəlmək mümkün olmadığından bu gün saat on ikiyədək olan hadisələr haqqında yazılı məlumat göndərəcəyəm...». Kuzminskinin Lalayevə söylədiyi sözlər, yarım saat əvvəl Hacıya dediyi sözlərin eyni idi, fərq yalnız «erməni» və «müsəlman» kəlmələrində idi. Jenya bu sözlərdən Bakıda oynamaqda olan faciələrin əsasını bilmiş oldu. Bununla da erməni və müsəlman burjuaziyasının həqiqi simasını gördü, onların öz səadətlərini erməni və müsəlman zəhmətkeşlərinin meyitləri üzərində qurmaq istədiyini yəqin etdi; çar hökumətinin, zəhmətkeşlərin həmrəyliyini, zəhmətkeşlərin inqilabi hərəkatına sərf etdiyi qüvvələrini parçalamaq və pozmaq üçün erməni-müsəlman burjuaziyasından istifadə etdiyini, eyni zamanda erməni və müsəlman burjuaziyasının da bir-birinə üstün gəlmək üçün çarın bu xəyanətinə arxalandığını lazımınca təyin edə bildi. Jenya hökumətin erməni və müsəlman burjuaziyasına arxalanaraq, qalib gəlmək istədiyini təsəvvür etdikcə qəlbində çarın agentləri olan milyonçulara qarşı bəslədiyi nifrəti daha da artırdı. Jenyanı çağırdılar. Zabitlərə günorta yeməyi hazırlanırdı. Süfrəni idarə edəcək qulluqçular az olduğundan həmişəki kimi xanımın qulluqçu qızları səfərbərliyə alındı. Bütün ömrü boyu xalqın boynunda gedən, xalqın qanını sorub damarlarına dolduran, yeri gəldikdə xalqı çar hökumətinə ucuzcasına satan və eyni zamanda özünə «millətin babası» damğasını yapışdıran Hacı, Bakını zəhmətkeş qanına boyayan çar zabitləri ilə bir süfrədə oturub yemək yeyirdi. Yüzlərcə erməni və müsəlman yoxsullarının qan çalalarında can verməsini təşkil edənlər qırmızı şərabları qədəhlərə doldurur, bu qırğınların başçıları olan Nakaşidzenin, Hacının və başqalarının şərəfinə içirdilər. Kuzminski yenə də yeknəsəq sözlər deyir, tökdüyü qanların mükafatı olan yağlı və ləzzətli xörəklər yeyirdi. Yemək bitməmişdi, miralay Kuzminskiyə general Fadeyevdən gələn mühüm bir telefonoqrammanı verdilər. «7 fevral 1905-ci il. Saat 3—5 dəqiqədə. General Fadeyevdən miralay Kuzminskiyə. On dəqiqə bundan əvvəl bizim aldığımız xəbərlərə görə, Bayıl-Bibiheybət rayonunda Pyotr Montinin təşəbbüsü ilə üç min nəfərlik bir mitinq düzəlmişdir. Montin, mitinqin qarşısında şəhərə hücum etmək, hökumətə erməni-müsəlman qırğınını yatırmaq tələbini vermək, tələbi yerinə yetirməsə, polis və qubernator idarəsinə hücum etmək məsələsini qoymuşdur. Bu qorxulu hadisənin qabağını almaq üçün Səlyan alayının bir taboru ilə bərabər bir eskadron kazak götürüb Bayıl-Bibiheybət rayonu ilə şəhərin əlaqəsini kəsmək lazımdır. Lazım görülərsə, qəti tədbirlər görülməsinə icazə verirəm. Fadeyev». * * * Susanna Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı. Müraciətnamələr çox tez hazırlandı. Onları fəhlə dairələrinə aparıb lazımi yerlərə paylamaq çox çətin idi. Buna baxmayaraq müraciətnamələri yaymaq üçün vəzifələr bölündü, Vasya ilə Əsgər də Balaxanı — Sabunçu rayonuna getməli oldu. Rayonlara ancaq qaranlıqda getmək lazım idi; polis, jandarm və qoşun dəstələri şəhər ilə rayon arasını ciddi nəzarət altına almışdı. Bolşeviklərin təşəbbüsünə qarşı və düzəldilmiş xəyanətə onların əngəl törətməsinə mane olmaq üçün ciddi tədbirlər görülmüşdü. Vasyanın Balaxanı—Sabunçu rayonuna gedib-gəlməsi çox da uzun çəkmədi. O, evə qayıdanda gecə saat üçü vururdu. Həyətə girəndə, keçən gecə olduğu kimi, otağında lampa yandığını gördü. Susanna hələ yatmamışdı. Vasyanı gözləyirdi. Vasya içəri girəndə Susanna çox sevindi. – Nigaran qalmışdım, — dedi. — Belə qorxulu zamanda çölə çıxmaq heç lazım deyil. Salamat evə dönəcəyinə heç ümidim yox idi. Güllə göydən yağış kimi yağır. Ölmək ani bir hadisədir. Mən səndən çox rica edirəm ki, bir də belə cəsarətləri etməyəsən. Doğrusu, bu gün mən çox qorxdum, çünki atışmalar heç dayanmırdı. Vasya qıza fikirli-fikirli baxdı: – Əfv ediniz! — dedi. — Qonağı evdə təkbaşına qoyub gecə saat üçdə evə qayıtmaq yaramaz; ancaq mən buna məcbur idim. – Belə bir gündə nə kimi məcburiyyət ola bilər? – Rayonda qohumlarımız vardır, onlardan xəbər tutmaq lazım idi. – Qohumlarınız hansı rayondadırlar? – Balaxanı — Sabunçu rayonunda. – İndi ki, sən ora gedəcəkdin, nə üçün mənə söyləmədin? Mən sənə bir kağız yazıb verərdim; sən bilirsən ki, evdə nigarandırlar. – Mən özüm bir parça kağızı əvəz edə bilməzdimmi? – Doğrudan da bizim evimizə getdinmi? – Əlbəttə ki, getdim. Əsil məqsədim də bu idi. Susanna ayağa qalxıb Vasyanın əlini sıxdı. – Mən nə qədər doğru düşünürmüşəm. Mən birinci kərə səni görən kimi ləyaqətli bir oğlan olduğunu yəqin etdim. Mən bu iki günün müddətində bir il dostluq edən adamlar kimi sənə bağlanıb ülfət tutmuşam. Anam mənim haqqımda nə söylədi? De görüm, sən onun gözlərinə baxdınmı? O mənim üçün ağlamışdımı? De görüm, o mənim sağ qaldığıma inandımı? Sən onu təskin edə bildinmi? Doğrusunu söylə; onlar məni mühafizə etdiyinə qarşı sənə lazımınca razılıq verə bildilərmi? Onlar səni layiqincə qəbul elədilərmi? Vasya qoynundan bir məktub çıxartdı. – Bu məktubu sənə anan yazmışdır, — dedi. — Mən birinci kərə onunla görüşürkən, sənin anan olub-olmadığını bilmək üçün onun gözlərinə baxdım. Gözləri qaradır, gözlərinin ağı da tam mənasilə ağdır. Onun ağladığını görmədim; lakin gözləri qızarmışdı. Bu onun ağladığını göstərirdi. Susanna məktubu gah döşünə qoyur, gah da dodaqlarına tutaraq ağlayırdı. Vasyanın ona ürəyi yandı, onu sakit etməyə çalışdı, əlini onun çiyninə qoyub dedi: – Mənim əziz qonağım! Ağlamaqdan nə çıxar? Sənin vəziyyətin o qədər də çıxılmaz bir vəziyyət deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. Sən bilməlisən ki, ailəni gördükdən və sənin haqqında məlumat verdikdən sonra, onlar tamamilə arxayın olmuşlar və sənin salamatlığından şadlanmışlar. Heç də ağlama! Məktubu aç oxu, o sənin qəlbinə təskinlik verər. Susanna məktubu açıb oxumağa başladı: «Əziz qızım Susanna! Biz elə bildik ki, sənin başına bir fəlakət gəlmişdir. Çünki şəhərdən çox qorxulu xəbərlər eşidirdik, lakin bu gün Vasili bizə müjdə gətirdi! Mən onun ayaqlarına düşüb, öpmək istədim; o razı olmadı. Biz onu qonaq saxlamaq istədik, o tələsirdi, qalmaq istəmədi. Qızım, indi ki, Vasili səni mühafizə edib evində saxlayır, ondan razı qal, hələlik bayıra çıxma! Burada da işlər qorxuludur. Bu oğlan namuslu adama oxşayır. Danışığından ziyalı adamdır. Sənin üçün pul göndərmək istəyirdik, razı olmadı. Anan Sara, 7 fevral 1905». Susanna məktubu oxuduqdan sonra Vasyanın iki əlindən tutaraq dedi: – Üç tərəfin üçündən də arxayınam. Özüm də salamatam, anam və ailəm də salamatdır; şükür olsun ki, sən də salamat qayıtdın. İndi mənə söylə görüm yemək istəyirsənmi? – İstəyirəm. Səhər evdən çıxandan bəri dilimə bir şey dəyməmişdir. Susanna durub yeməyi gətirdi. Çay da hazır idi. Süfrə başında Susanna dedi: – Səndən nigaran qalmışdım. Mənim üçün sən olduqca qiymətlisən. Söhbətlərin də mənim ruhuma uyğun söhbətlərdir. Lakin gecə keçdiyi üçün söhbətləri sabaha saxlamaq lazımdır. Vasya özünü başqa bir aləmdə hiss edirdi. O, indiyə qədər işdən çıxıb evə gəldiyi vaxt nə isti xörək, nə də isti çay görmüşdü. İndi o özünü ailəli bir evdə hiss edirdi, sevinirdi. Gözəl, gənc, özü yaşda bir qız onun nazını çəkir, yedirir, yeməyin ən yaxşısını ona verirdi. Vasya bir də öz yoxsul otağına göz gəzdirdi. Otaq əvvəlki otağa bənzəmirdi. Təmizlənmiş, yuyulmuş və silinmişdi. Otağın tavanında Vasyanın bir ildən bəri çəkdiyi maxorkanın tüstüsünün izi də qalmamışdı. Daha künclərdə, tavanda hörümçək toru görünmürdü. Qablar və başqa şeylər yuyulmuş, təmizlənmiş, hər biri öz yerinə qoyulmuşdu. Vasya bir bunları, bir də qızın gözəlliyini və əynindəki qiymətli paltarları gözdən keçirib heyrətlənirdi; «Bu qızla əbədi ailə həyatı qurmaq nə qədər böyük bir səadətdir!» deyirdi. Vasya bunları düşünürkən Susanna da qabları təmizləyir, süfrəni yığışdırırdı. Vasya Susannadan heç göz götürə bilmirdi. Bunu Susanna da hiss edirdi; gözünün uçu ilə Vasyaya baxır və gülümsünürdü. Vasya paltosunu götürüb yatmağa qonşu evə gedərkən Dan ulduzu Nargin adasının dalından boylanır, Susannanın pəncərəsinə baxırdı. * * * Fevralın səkkizində öldürmə və qarət hadisələri daha da şiddətləndi. Gubernski, Suraxanski və Sisianovski küçələrdə talan edilməmiş ev və mağazin qalmadı. Talançılar müsəlman evinə, erməni evinə fərq qoymur, hər ikisini talan edirdilər. Talanlarda erməni, müsəlman və ümumiyyətlə yerli əhali iştirak etdiyi kimi, küçə hambalları və iranlılar da iştirak edirdilər. Suraxanski və Voronsovski küçələrin tinindəki Aslanovların evi qarışıq soyğunçular tərəfindən talan edilmişdi. Şəhərin başqa hissələrində də soyğunçuluq və adam öldürmə hadisələri artırdı. Bulvar tərəfdə qızğın surətdə adam öldürmək və qarət etmək hadisələri davam edirdi. Yanğınlar əmələ gəlirdi. Suraxanski, Voronsovski, Gubernski və Bulvar tərəflərini Dağıstan alayının bir hissəsi və yanğın keçirən dəstələr əhatə etmişdi. Çar jandarmeriyası və çar polisi Bakı şəhərini özlərindən bir qat daha etibarlı olan qarətçilərə, quldurlara, adam öldürənlərə tapşırmışdı. Şəhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. Qorodovoylar da öz postlarında görünmürdülər. Bu gecə hər kəsin əli varsa, öz papağını başında saxlamalı idi, hər kəs öz qarovulunu çəkməli, malını və canını qorumalı idi. Bu gecə Vasya bayıra çıxmaq istədi, lakin Susanna mane oldu. Həyətdə yaşayan adamlar da heç bir tərəfə getməmişdilər, onlar da öz küçələrində qarovul dəstələri təşkil etmişdilər. Vasya da öz vaxtında növbəyə getməli idi. Vasya oturub Pavluşanın Bibiheybətdən qayıdıb-qayıtmamasını düşünür və Jenyanın belə bir mühüm gündə komitənin ixtiyarında olmamasına təəssüf edirdi. Susanna ona dedi: – Sən bu gün tamamilə dəyişmişsən, dünən belə deyildin. Vasya fikirli bir surətdə dedi: – Doğrudur, bu gün vəziyyət də dəyişmişdir. Kütlələr ölüm və talanlar qarşısında qalmışdır. Bu kimi hallara qarşı qeydsiz qalmaq mümkün deyildir. Hökumət açıqdan-açığa xalqı bir-birinə qırdırır. Bu fəlakətin qabağını almaq üçün əldə heç bir vasitə yoxdur. Hələ bu hadisənin rayonlara təsir etməsi də mümkündür. Hökumət fəhlə sinfinin qardaşlıq və həmrəylik düzəltməsini belə qarşıladı. Təəssüf ediləcək bir hal da budur ki, biz bu hadisələri öz vaxtında hiss etmədik, birinci güllə açılana qədər biz bu hadisələri bir şayiə hesab edərək durduq. Susanna Vasyanın sözlərinə diqqətlə qulaq asırdı. Vasya sözünü qurtardıqdan sonra o fikirli-fikirli dedi: – Məsələ işi öz vaxtında hiss edib-etməməkdə deyildir. Siz bunu vaxtında hiss etsəydiniz də qabağını ala bilməyəcəkdiniz. Azsınız. Hələ bu günə qədər burjuaziyanın iç üzünü anlamayan bir çox fəhlələr vardır. Onlar bu vuruşmalarda burjuaziyanı tanıyacaq, onun ikiüzlü siyasəti haqqında məlumat əldə etmiş olacaqdır. Mən sənin hansı cəbhədə çalışdığını bilmirəm, bunu bilsəydim daha açıq danışardım. Mənə qalırsa, fəhlələr üçün bolşevik platforması daha əlverişlidir. Mən Şendrikovun bacısı olmasaydım, bolşeviklər mənə inansaydı, onlarla birlikdə işlərdim. Lakin bunu bilirəm ki, onlar mənə inanmayacaqlar. Buna haqları da vardır. Bir damın altında, bir havada yaşayanların bir-birindən xəstələnəcəyi nəzərə alınsa, mənə etibar edilməyəcəyi təbiidir. Lakin mən fikir və əqidəcə olduqca müstəqil bir qızam. Menşevik hərəkatı pis bir hərəkat olsa da, mən yenə də hərəkat içində böyümüşəm, mübarizə yollarını çox gözəl bilirəm. Öhdəmə düşən vəzifələri gözəl ifa edə bilərəm. Şüurlu və idraklı fəhlələrdən heç də geri qalmaram. Vasya tərəddüd içində qalmışdı. Öz-özünə deyirdi: «İnanımmı? İnanmayımmı?» Susanna əllərini bir-birinə sürtərək dedi: – Mən çalışmaq istəyirəm. Doğrusu, menşevik xətti-hərəkəti çox da oynaq deyildir. Bu məfkurə intibahverici bir xüsusiyyət daşımır. Hərəkətləri ürək sıxıcıdır. Yolları səadət yolu deyildir. Mən bunu qardaşlarıma da demişəm. Demişəm ki, siyasi intibahdan məhrum olan bir məfkurənin gələcəyi yoxdur. Əslinə baxsan bizim ailədə məfkurə mübarizəsi gedir. Mən heç də qardaşlarımla razılaşa bilmirəm. Qardaşlarım həmişə təşkilata qoşulmağı mənə qadağan edirlər: «Hələ gəncsən, müstəqil fikir sahibi deyilsən» deyirlər. Mən onların yanında siyasi söhbətlərdən də çəkinirəm. Vasya papirosunun ucunu külqabına basıb keçirdi, dedi: – Doğrudur, menşevik həyatı quru və marağsızdır. Orada siyasi intibah yoxdur. Bunu onlardan tələb etmək də doğru deyildir. Onlarda siyasi intibah olsaydı, menşevik olmazdılar. * * * Vasya menşeviklər təsirində Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər. Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü. Əsgər bir neçə dəfə Vasya yaşayan həyətə gəlib soruşmuşdu, qonşular isə hər dəfə «Qızla getmişdir. Qızı Balaxanı — Sabunçu rayonuna apardı. Filan yerə getdilər» — deyə cavab verirdilər. Nəhayət, Əsgərlə Pavluşa sözləşib Vasyanı Balaxanıda tapmaq qərarına gəldilər. Yola düşdülər. Stansiyaya gəldilər. Birinci qatar hələ getməmişdi. Ətrafa göz gəzdirdilər, Vasyanı görmədilər. Vaqona minib, Sabunçuya getdilər. Onlar Nobel qardaşlarının fəhlə evlərinə qalxan pilləkənlərdə oturub danışırdılar. Pavluşa deyirdi: – Biz indi tək qalmışıq. Qəzər öldürüldü, Ayrapet vərəm yorğan-döşəyinə düşdü, Jenya da milyonçular qərargahında... Üzü qara olmuş Vasya isə bir menşevik bacısının quyruğunda... Qalan bir sənsən, bir mən, bir də Məmməd. Biz də ki, düşmüşük bu alçağın dalınca. Əsgər cibindən dəsmalını çıxartdı, onun ucuna düyümlədiyi tütündən bir papiros düzəltdi, bir papirosluq da Pavluşaya verdi. Hər ikisi papirosdan bir-iki nəfəs çəkib yenə söhbətə başladı. Əsgər ona ürək verərək dedi: – Ruhdan düşmə! Əvvələn Vasyanın bizdən ayrılıb getməsi məlum deyildir, ikincisi də, biz tək deyilik: Xanlar Səfərəliyev var, Ayrapetin şagirdi Heybət böyüyür... O ki qaldı Jenyaya, mən yenə də onun barəsində səninlə razılaşa bilməyəcəyəm. – Nə üçün? – Çünki sən də, Vasya da bu barədə səhv edirsiniz! – Necə səhv edirik? – Bu saat deyim: Vasya Jenyaya əksinqilabçı adı verib, bir tərəfə atmışdır. Onun fikrincə hər kəs Hacı Zeynalabdın Tağıyevin qapısından içəri girsə — əksinqilabçıdır. Onun fikrincə gərək heç kəs varlının evində, varlının müəssisəsində işləməsin. Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: «Rusca danışdın — kafirsən. Furajka qoydun — kafirsən. Başını qırxdırmadın, tüklü qoydun — kafirsən». O öz gözündə tiri seçmir, özgə gözündə qıl axtarır. Bu, adamı lap hövsələdən çıxarır. Sən Şendrikovun bacısı Susanna ilə gəzmiş olsaydın, o səni xain adlandırardı. Bu, Vasyada bir xasiyyətdir. Sənə gəldikdə, sən Jenya haqqında daha pis fikirdəsən. – Mən ona nə yamanlıq etmişəm ki? – Sən onu mənim rəhmətlik anam Xırdaxanımın küpünə salmısan! – Bu nə sözdür? – Sən bizim bağçanın divarlarını görmüsən ki? – Görmüşəm. Jenya məsələsinin bağça divarına nə dəxli vardır? Vasya deyən kimi baş-ayaq vurursan! – Sən mənim sözümə qulaq ver! Səndən soruşuram: bizim bağçanın divarlarını görmüsən ki? – Görmüşəm. Çox uca divardır. – Bizim hovuz başındakı tut ağacını da görmüsən ki? – Görmüşəm. Nə olsun ki? – Küçədən birisi baxarsa, o tut ağacı görükməz ki? – Görükməz, tut ağacı alçaqdır, divar isə ucadır. – İndi qulaq as! Mənim atam Güloğlan kişini də tanıyırdın ki? – Niyə tanımırdım! – İndi ki, tanıyırdın, sənə onun xasiyyətlərindən birisini deyim. Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. Bizim evimizdə erkək it və erkək pişik də olmamışdır. Atam deyərdi ki, gərək arvadın gözü erkək adama və erkək heyvana sataşmasın. Günün birində rəhmətlik anam tut yemək üçün ağaca çıxır, atam acıqlanır: «küçədən sənin boyunu görərlər» — deyə çıxıb anamı tut ağacında döyür; anam ağacdan yıxılır, qabırğası sınır. Yazıq anam iki il yorğan-döşəkdə yatdı. Axırda da bu dərddən öldü. Sən də Jenyanın başına bu oyunu gətirmək istəyirsən. Onu müsəlman kimi qısqanırsan. Qısqandığın bəs deyil, onu tamamilə məhv etmək istəyirsən. Özəyə ərizə verib onu partiyaya düşmən göstərməyə çalışırsan. Bu hərəkət, köhnə, qeyrətdən dəm vuranların hərəkətidir. – Bilmirəm səbəb nədir ki, həmişə Jenya məsələsi aralığa gələndə, sən onu müdafiə edirsən? Bir neçə həftə bundan əvvəl sən onu aparıb yola salanda, yolda mənim barəmdə onun nələr dediyini mənə deməmişsən. Əsgər acıqlandı: – Sən nə danışdığını bilirsənmi? Əvvələn, budur ki, Vasya kimi söz gəzdirməyi, Jenyadan sənə, səndən də Jenyaya söz aparıb gətirməyi bacarmıram. İkincisi də, mən həmişə Jenyanı müdafiə etməliyəm. Mən kiçik yaşımdan onun atası Sergey Vasiliçin əlinin altında böyümüşəm. Onun bircə qızı vardır. Mən ölüncəyə qədər onu müdafiə etməliyəm. Hərgah o qız xain, əksinqilabçı bir qız olsaydı, Sergey Vasiliç onu evə buraxmazdı. Madam ki, Sergey Vasiliç onu öz doğma qızı olaraq tanıyır və evinə gələndə onu qolları arasına alıb öpür, biz də onu «Sergey Vasiliçin qızıdır» deyə hörmətli bir yoldaş kimi müdafiə etməliyik... Sən öləsən, həyalı qızdır. Uruslarda Jenya, müsəlmanlarda isə mənim Suğra xanımım kimi qız yoxdur! Pavluşa dedi: – Yox, Əsgər! Məsələni belə qoymaq doğru deyil! İndi ki, sən məsələni belə qoyursan, onda bəs nə üçün neçə gündən bəridir ki, məni Vasya məsələsi üstündə dənk eləmisən? Vasya da özü üçün kimi seçirsə seçsin. – Sən heç vaxt Jenyanı Şendrikovların bacısı Susanna ilə bir tuta bilməzsən! Vasya boşboğazdır. Demaqoqdur. Biz Vasyanın Susanna ilə gəzmək məsələsinə bu yoldan deyil, tamamilə başqa bir yoldan yanaşırıq. Bizim əl-ayağa düşməmiz Vasyanın özü üçün deyil, təşkilatın mənafeyini müdafiə etmək üçündür. Vasya təşkilatın üzvüdür. Bir də sən cəsarət edib, mənimlə Jenyanın nə danışdığını soruşma; o bizim öz işimizdir. O mənim partiya yoldaşımdır. Sənə xəbər verilməli bir söz olsaydı, soruşmadan da gəlib sənə deyərdim. Sənə bir sözüm də var: sən gəl, Jenya məsələsini burax! Axırda Jenya səndən də, məndən də, Vasyadan da yaxşı partiyalı olacaq. Mən buna inanıram! Pavluşa: – Şeytan qız, özünün yaxşı partiyalı olduğuna səni də inandırmışdır, — deyib susdu, Əsgər də danışmadı. Hər ikisi gözləri qabağında yüksələn buruqlara baxdı. Nə kəlləçarxların cırıltısı, nə də mazut səsi gəlirdi. Qayışsız təkərlər, müharibədə dağılmış top təkərləri kimi böyrü üstündə yatırdı. Motorları aparılmış elektrik damlarının qapısında çəkilən kəllə şəkli «Əl vurma, öldürər!» sözünə baxıb gülürdü. Kəlləçarxdan asılan mazut dolları, dar ağacından asılan məhkumlar kimi sallanırdı. Yanmış buruqların skeleti, çar xəyanətinin qara hejkəli kimi baxırdı. Coşqun həyata malik olan mədən sahələri, ibtidai xalqlardan qalmış köhnə qəbristanlara oxşayırdı; yanmış qara sütunlar mənhus bir hadisənin tarixini oxuyurdu. Qatar Bakıdan gəldi. Vasya oğru adam kimi vaqondan düşdü, ətrafına baxdı, tanış adam olub-olmadığını gözdən keçirdi, sonra Şendrikovların evinə sarı yollandı. Pavluşa Əsgərə dedi: – Nə deyirsən? Saxlayıb sözümüzü deyək? – Sözümüzü deməyəcəyiksə, şəhərdən bura nə üçün gəlmişik? – Mən dedim ki, bəlkə sən ona bəzi sözlər deyəcəksən? – Yaxşı, sən deyə bilməzsən? – Nə üçün deyə bilmərəm?! Amma burası var ki, mən qız ilə gəzməsi barəsində bir söz deməyi bacarmaram. – Bunun səbəbi nədir? – Səbəbi odur ki... – Necə yəni, odur ki? – Elə belə də... Çünki mənim özüm də bir qızın dalınca gəzirəm. – O hansı qızdır? – Jenya. – Bunun məsələyə nə dəxli var? – Var! Vasyanı mən necə Susanna ilə gəzməkdən sağındıra bilərəm? Halbuki mən də milyonçu evində yaşayan qızla yaxından tanışam və gəzirəm. Bu sözdən Əsgərin çini başına vurdu. – Ada, ay avam, sənə səhərdən bəri bir aləm söz demişəm, yenə də ağlın başına gəlməyib?! Sən yenə də Jenya ilə Şendrikovların bacısı Susannanı bir tutursan? – Yaxşı, bunu sonra danışarıq. Əsgər pilləkəndən düşdü, Vasyanı səslədi: – Ada, Vasili, Vasili!.. Vasya özünü bilməməzliyə vurub, aradan çıxmaq istədi. (Əsgərin səsindən tanımışdı). Əsgər yenə də səslədi: – Ada, səninlə deyiləmmi? Dayan! Səninlə işim var. Vasya dayandı və heyrətlə arxasına baxdı, sanki Əsgərin əvvəlki çağırışını eşitməmişdi. Əsgər soruşdu: – Hara gedirsən? – Sergey Vasiliçin görüşünə! – Mənə kələk kəlmə. Sergey Vasiliçin evi bu tərəfdə deyil. – Hə, doğrudan da elədir... Əsgər, sən öləsən, adamı fikir elə götürmüş ki, hara getdiyini və nə danışdığını da bilmir. Əsgər diqqətlə onun üzünə baxıb dedi: – Əvvələn budur ki, özün öləsən! Xırdaxanım sağ deyil ki, ikinci bir Əsgər doğsun; ikincisi də budur ki, sən hara getdiyini çox gözəl bilirsən, fikrin də başındadır, nə düşündüyünü də bilirəm. Eybi yoxdur, dalımca gəl. Vasya bir söz demədən onun dalınca düşdü. Pavluşa da gəlib yetişdi. Vasya Pavluşanı gördükdə aralıqda bir ixtilaf çıxacağını yəqin etdi. Şübhəsini sezdirməyərək soruşdu: – Sən də burada imişsən ki?! Onlar mədənlərdən və fəhlə evlərindən uzaqlaşdılar. Sabunçunun yaxınlığında şor suyun yanındakı kiçik bir təpəyə çıxdılar. Əsgər istehzalı bir gülüşlə Vasyaya dedi: – Otur görək, cənab Vasya! Vasya Əsgərə təəccüblə baxaraq: – Görünür ki, mən «cənab» ləqəbini təzə qazanmışam. – Bəli, bu ləqəbin tarixi fevralın altısından başlamışdır. – Necə fevralın altısından? – Bu o deməkdir ki, Şendrikovlardan sənə ancaq bir «cənab» ləqəbi yetişəcəkdir, çünki onlarda bundan başqa bir şey yoxdur. Pavluşa heç bir söz demədi. O, ancaq Əsgərin danışmasını gözləyir, əlindəki ağac qırığı ilə yeri qurdalayırdı. Əsgər Vasyanın çiynindən tutub silkələdi: – Sən yatmısan, ayıl! Mən səni Şendrikovların əlindən qurtarmaq istəyəndə, sən elə bilmə ki, sənin menşevik qərargahına düşməyinlə biz böyük bir şey itirəcəyik! Mənim bütün çalışmağım ondan ötrüdür ki, sən yazıq olmayasan, sənin adın bizim çərkəmizdən silinməsin, çəkdiyin zəhmətlər hədərə getməsin. Vasya, onu yaxşı anla ki, fəhlə hərəkatı o qədər ciddi və geniş bir hərəkatdır ki, onu tək-tək adamların ayrılması dayandıra bilməz! Biz bilirik ki, başladığımız işdə bəzilərinin xəyanətinə də rast gələcəyik. Çünki işin əvvəlidir, möhkəm fikrə malik olmayan adamların cərgəmizdə qalmayacağı şübhəsizdir. Bu kimi adamların bir parasını partiya özü kənara atacaq, bəzilərinin də özü bizimlə xudahafizləşib gedəcəkdir. Sən bizim partiyadan gedərkən, bizdən heç bir şey aparmırsan. Vasya başını qaldırıb Əsgərdən soruşdu: – Bununla nə demək istəyirsən? – Mən demək istəyirəm ki, biz yaxınlarda ayrıldığımız menşeviklərin xasiyyətlərindən birkərəlik silkinməlisən! – Hansı xasiyyətlərdən? – İkiüzlülükdən! – Mən ikiüzlüyəmmi? – İkiüzlüsən! Bizimlə bir bolşevik kimi danışırsan. Şendrikovların yanında isə özünü bir menşevik kimi aparırsan. Sən onu bil ki, bizim partiyanı aldatmaq olmaz. Bolşeviklər sən gördüyün menşeviklər kimi əqidə dəllalları deyillər. Sən indi bizdən ayrılmışsan. Bir düşün, gör sən kim idin, indi dönüb nə olmusan?! Sən xətti-hərəkət məsələsi qoyulanda durub Şendrikovların şələsini dalına sarıyırdın. İndi də gedib onların bacısının qolundan tutub gəzdirirsən. Sən Pavluşanı təngə gətirmişdin: hər gün Jenyanın milyonçu evində olmasını onun başına çırpırdın... Vasya onun sözünü kəsdi: – De görüm, məndən nə istəyirsən? Sənin həmişə peşən budur, sən heç yoldaşlarla soyuqqanlı danışa bilmirsən! – Mən soyuqqanlı olmasaydım, adımı «Barıt Vasili» qoyardılar. Vasya təəssüfedici bir halda dedi: – Məni yandıran budur ki, sən öz dilinlə danışmırsan, sənə bu sözlərin hamısını Pavluşa öyrədibdir. Yaxşı olar ki, Pavluşa özü danışaydı, mən də onun cavabını verəydim. O, mənim Jenya barəsində dediklərimi, indi sənin vasitənlə yazıq Susannanın haqqında deyir. Sənə bir söz deyim: sənin xasiyyətin geniş kütləni partiya ətrafına cəlb edə biləcək bir xasiyyət deyil! Hazırda tənqiddən uçuz şey yoxdur. Şəxsi düşüncələrdən doğan tənqid bir parça gərəzdən ibarətdir. Onlar tənqid deyil. Bu məsələ Jenyanın məsələsinin ardıdır. Pavluşa belə işlərlə öz günahını yumağa çalışır. Bunların hamısı, mənim yaxşılıqlarımın əvəzidir. Mən həmişə onu Jenya gedən yoldan qaytarmağa çalışmışam. O ki, qaldı sən Əsgərə, onu bilməlisən ki, mən hər bir qorxu ilə yerimdən oynayan adam deyiləm. Sözünü qəti de görüm nə istəyirsən?! Get mənim məsələmi harada qoyursan qoy! Pavluşa Vasyanın Əsgərə qarşı qəti vəziyyət aldığını görüb özünü saxlaya bilmədi: – Özünü çox da öymə! — dedi. — Əsgərin çox haqlı olaraq dediklərini eşit! Əsgər yaman günün Əsgəridir. Mən sənin haqsız sözlərinə boyun əydim; Jenya barəsində dediyin yaraşmayan sözlərə etiraz etmədim, günahsız qızı sənin üzündən neçə dəfə təhqir etdim. Sən isə öz səhvini boynuna almırsan. Sən həmişə danışanda ölçüsüz və düşüncəsiz danışırsan. Əcəba, oturub yoldaşcasına danışa bilmərsənmi? – İş yoldaşcasına oturub danışmağa qalsaydı, məni çəkib çölə gətirməzdiniz. Mənim evim var. Məni bura qorxutmağamı gətirmişsiniz? – Səni evdə tapmaq olurmu? Əsgər yenə də sözə başladı: – Səni evdə nə vaxt tapmaq olar? Bir Məcnun olub düşmüsən Leylinin dalınca. Vasya, «Məcnun, Leyli» sözünün mənasını anlamadı, təəccüblə dedi: – Bəli, bu da təzə çıxdı. İndiyə kimi Susannanın dalınca gəzdiyim üçün söyürdünüz, indi də təzə tanışım tapılıb, Leylinin dalınca düşmüşəm. Əcəba, bu kimi bir iftira sənə yaraşarmı? Bax, bu cürə yersiz sözlər adamı yerindən oynadır. Bir halda ki, mənim Leyli adlı qızla görüşdüyüm və tanışlığım yoxdur, onu götürüb burada mənim üçün material qayırmaq — yoldaşlığın qəbul edəcəyi işlərdən deyildir. Əsgər güldü: – Ada, mən sənə nağıldakı Leylidən deyirəm. Bir nəfər Məcnun var idi, Leylini sevirdi... – İndi ki, nağıl deyirsən, daha mənim nağılçılarla işim yoxdur! Məcnun Leylini sevibdir, ondan ötrü də mən söyülməli imişəm?! Pavluşa da güldü. Vasyanı baş salmağa başladı: – Əsgər nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal gətirdi. Dedi ki, sən də Məcnun kimi Leyliyə bənd olub, hər şeyi atmısan. Sən Susannanın gözəlliyi səbəbinə hər şeydən uzaqlaşmaq, menşeviklərə, hətta Şendrikovlar kimi provakatorlara yanaşmısan. Vasya, sən burjuaziyanın namussuzluğundan xəbərdar deyilsən. O, öz işləri üçün öz qızlarından, namusundan da keçə bilər. Sən onu bil ki, sənin boynuna salınan qollar, ilandan daha zəhərlidir. O qollar səni menşevizm zəhəri ilə zəhərləyəcəkdir. Qız çox gözəl qızdır. Ailə vəziyyətləri də yaxşıdır, lakin o qızın sənə yaxın gəlməsi müvəqqəti bir şeydir. Bir də sən onların tayı deyilsən. O qollar sənin boynunu uzun zaman qucaqlamayacaqdır. O qız ancaq sənin boynuna deyil, bir çoxlarının boynuna qol salmaq üçün köndəriləcəkdir. Sən bunu öz vaxtında anlamalı və onu özündən uzaqlaşdırmalısan. Vasya Pavluşanın sözünü yarımçıq qoyaraq: – Bunlar şəxsi işlərdir, — dedi, — daha doğrusu xırdaçılıqdır. Bu cür işlər üçün də bolşevikin öz yoldaşından haqq-hesab istəməsi doğru deyildir. Mən özüm də bu barədə səhv etmişəm. Mən bunu bir həqiqət olaraq anladım ki, kommunist və bolşevik təhkimçilik intizamı yox, yoldaşlıq intizamı, partiya intizamı daşımalıdır. Mənim Şendrikovun bacısı ilə gəzməyimdə heç bir cinayət yoxdur. Bunlar şəxsi işlərdir. Pavluşa darıxmış bir halda dedi: – Əvvələn, partiya öz üzvünün şəxsi işinə də qarışmalıdır. İkincisi, bu şəxsi məsələ deyildir! O qızı sənin yanına köndərə də bilərlər. Bunu da sənin gözəlliyin, var-dövlətin üçün deyil, səndəki gizlin sirləri almaq üçün edərlər. Sən özün çox asan və çox ucuz satıla bildiyin halda, mənə Jenya ilə barışmağa mane olurdun, halbuki biz Jenyanı beş barmağımız kimi tanıyırıq. Vasya, əlinə fürsət düşmüş adamlar kimi, ayağa qalxdı, əlini şalvarının cibinə soxub dedi: – Çox gözəl... Mən də səndən bu sözü gözləyirdim. Madam ki, Jenya ilə barışmaq mümkün imiş, o halda Susanna ilə tanış olmağın nə eybi vardır? Onlardan birisi burjuaziya qərargahında olur, o birisi isə menşevik bacısıdır. Zənnimcə sən də, Əsgər də bekarsınız, bunların hamısı da bekarçılıqdan doğur; halbuki bizim yüzlərcə görülməli işimiz vardır. Əsgər ona belə bir sual da verdi. – Sən Şendrikovun bacısından əl çəkəcəksənmi? Vasya qəti dedi: – Yox! Mən şəxsi məsələlərdə azad olmaq istəyirəm! Bu barədə danışmağı artıq hesab edirəm. Əsgər ayağa qalxdı: – Elə isə mən də danışmağı artıq hesab edirəm! — deyib yola düzəldi. Pavluşa da onun dalınca getdi. * * * Bazar günü idi. Jenya evlərinə getmək üçün Balaxanı — Sabunçu dəmir yolu vaqonundan düşəndə Vasya da Susannanı şəhərə gəzməyə aparmaq üçün qolundan tutub vaqona qaldırırdı. Jenyanı heyrət götürdü. Vasya tanıdığı Vasya deyildi. Onun paltarları da əvvəlkinə nisbətən dəyişmiş və təmizlənmişdi; buna baxmayaraq, Vasya qolundan tutduğu qız qədər yaxşı geyinməmişdi. Qatar hərəkət edənə qədər Jenya durub qıza baxdı. Jenyanı düşündürən bir şey idi; o qədər yaxşı geyimli, gözəl bir qız Vasya kimi yoxsul bir fəhlə ilə nə üçün maraqlanır? Qızın şlyapasının ağ ipək qotazı Vasyanın qara saçlarına qarışarkən, Jenyanın düşüncəsində də Vasyanın gələcəyinə dair qara və dumanlı fikirlər doğurdu. Qatar hərəkət etdi. Jenya evlərinə getdi. Pavluşa ilə Əsgər də orada idilər. Jenya ata-anası ilə görüşdükdən sonra əvvəlcə Əsgərin, sonra da Pavluşanın əlini sıxdı. Paltosunu çıxartdı, oturdu. Başını tərpədərək öz-özünə güldü. Sergey Vasiliç yorğanı çiyninə salıb, yerinin içində oturmuşdu. Pavluşa onunla menşeviklərin dövlət duması tərəfdarı olması haqqında söhbət edirdi. Jenyanın başını tərpədərək gülməsinə Sergey Vasiliçdən başqa heç kəs diqqət verməmişdi. Sergey Vasiliç qızın bu istehzalı gülüşünə tamamilə başqa məna vermişdi. – Dünya belədir, — dedi. — İnsan yeni bir həyata daxil olduğu zaman, köhnə həyat ona yad görünər. İndi bizim də həyatımız sənə gülünc görünür, çünki sən bu həyatdan çoxdan ayrılmışsan. İndi bizim evin quruluşu sənə olduqca ölçüsüz-biçimsiz, əndazəsiz görünür. Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur. Bununla belə həyat olduqca rənkarənkdir. Yoxsul həyatında insana təcrübə verəcək çox yeniliklər vardır. Jenya gülüşünün başqa cür anlaşıldığını görüb izah etdi: – Mənim güldüyüm bunun üçün deyil, başqa bir məsələ üçün güldüm. Siz onu bilməlisiniz ki, bu həyat mənə heç də gülünc gəlmir. Gülmək lazım gəlirsə, hər şeydən əvvəl burjuaziya ailəsinin həyatına gülməlidir, çünki bu insanın qəlbini sıxan bir həyatdır. Yemək, içmək, yatmaq, soyunmaq, geyinmək, oturmaq, gəzmək, danışmaq və saire — hamısı gülüncdür. Orada hər şeyin bir rəsmiyyəti və ölçüsü vardır, həyat müəyyən çərçivə içərisində qurulmuşdur. Burjuaziya həyatının azadlıq pərdəsi altında müdhiş və əzici bir əsirlik gizlənmişdir. Həyatda olan bu rəsmiyyət, burjuaziya ailəsinin özündə bir əsirlik doğurmuşdur; orada insan yalnız yeyəcəyi, geyəcəyi, bəzənəcəyi haqqında düşünür. Burjuaziya qadınları öz həyatlarında yenilik yaratmaq üçün tənbəllik və qeyri-adiliyin daha dərin tərəflərinə çumurlar. Onlar ictimai vəzifələr üzərində həyat keçirməyi bacarmadıqlarından, vaxtlarını sərf etmək və bir-birinə oxşayan günləri başa vermək üçün dəlilik dərəcəsinə qədər varıb çıxırlar. Bizim xanımı bu dediklərimə sübut olaraq göstərə bilərəm. O, bu saat baş verən hadisələrin heç birisini eşitmir; o, bütün yaşayış qanunlarını orta əsrlərə məxsus sarayların yaşayış qanunlarından öyrənir. O, milyonçunun tükənməz pullarını sərf etmək üçün müxtəlif vasitələr düşünür. O, bir milyonçunun iyirminci əsr kübarlarına məxsus düzəltdiyi zənkin sarayı görməkdən yorulmuşdur. O, təzəlik yaratmaq və yekrənk həyatdan qurtulmaq üçün irəliyə doğru gedəcək yolları da görə bilmir; çünki burjuaziya qadınında düşüncə korluğu vardır. Buna görə də o, yeniliyi orta əsrlərə qayıtmağda arayır və Harunərrəşid dövrünün həyatını düzəltməyə çalışır, milyonçu Hacını da öz təsiri altına alır. Sarayda küzkülü salonlar düzəldir. Minlərcə manat sərf olunaraq Hacı üçün Harunərrəşidin, xanım üçün isə Zübeydə Xatunun geydiyi paltarlar hazırlanır. Sarı saçlı və ağ rus qızlarının üzünə kömür qarası sürtülür, qara zənçilər şəklinə salınır. Üzü almazlı, dabanları qızıl nallı ayaqqabılar tikilir. Burjuaziya qadını özünü oyunçaq şəklinə salır, bir aktrisa kimi cürbəcür rollara girir. Lakin, yenə də saray həyatının yekrənkliyinin təsirindən çıxa bilmir. Mənim gülməyimin və başımı tərpətməyimin başqa bir səbəbi vardır. Mən vaqondan düşüb bura gəlmək istədikdə Vasyanın zənkin bir qızın qolundan tutub vaqona mindirdiyini gördüm. Mən onu xatırlayıb gülürdüm. Vasya qıza xoş gəlmək üçün üst-başını da bir az düzəltmişdir. Lakin qızın yaxşı geyimi məndə şübhə oyandırdı. Vasya kimi yoxsul, çirkin adamla onun nə haqq-hesabı? * * * Qubernator Nakaşidze vuruldu – Sən tabağını götür burdan çəkil! – Hara çəkilim? – Parapetin o biri tərəfinə çəkil! – Nə üçün? Sən bazarbaşısan, nəsən? – Heç zad deyiləm. – İndi ki, heç zad deyilsən, get tullanmağına! – Mən sənin mənfəətin üçün deyirəm. Orada müştəri də çox olar. Götür tabağını! – Gedə, rədd ol başımdan get, nə vermisən mənə ala bilmirsən? Qoymazsan beş şahı çörək pulu qazanaq?! – Dur bura gəl! Sənə sözüm var. – Nə sözün var? Sənin tayın-zadınam? – Yox, tayım deyilsən, amma sənə mənfəətli bir iş deyəcəyəm. Dur bura gəl! – Sən olasan bu ayın sahibi, məndən qəmişini çək! Dadaş canı, yaxamdan əl götür! Məni alverdən qoyma! Görürsən ki, matışkələr şey alır. – Ada, kiçin birisi, bura gəl! Ucuz şey var, yarı qiymətinə satacağam. – Nə satmaq istəyirsən? – Dur bura gəl! Lap suyu qiymətinə satacağam! – Mən nə bilim ki, sən nə satırsan? Gədə, satılan şeyin adı olmazmı? – Yaxşı püstə var. – Hara püstəsidir? – Damğan püstəsidir, özü də lap yaxşısı! – Lazım deyil, malım çoxdur. – Lazımın deyilsə də gəl, bir qiymət ver görək. Lap ucuzdur. – Əl çək məndən! Yoxsa bu saat kirdavoyu çağıraram. – Çox axmaq adamsan! Nə üçün başına söz girmir, yaşamaq istəmirsənmi? – Əlbəttə ki, istəyirəm. Yaşamaq istəməsəydim, halal kəsb etməzdim... Bu söhbətlər, bir nəfər naməlum şəxslə «Metropol» otelinin qabağında tabağını qoyub quru meyvə satan bir müsəlman arasında gedirdi. Söhbət olduqca uzun çəkdi. Naməlum şəxs tez-tez saatına baxır, tabağçı müsəlmandan şeylərini götürüb oradan başqa yerə getməsini tələb edirdi. Quru meyvə satan ağzı ilə ona cavab verir, əlləri ilə də öz quru meyvələrini təmizləyir və sahmana salırdı. Naməlum şəxs onun söz qəbul etməməsini görüb, şey almaq üçün yanaşan uşaqlara və qadınlara dedi: – Bunun daş-tərəzisi düz deyil. Bayaqdan fikir vermişəm, müştəriləri aldadır. Bu sözlərdən sonra müştərilər ötüb gedirdi. – Sən öləsən, bu saat kirdavoyu səsləyərəm! – Səslə, axmağın birisi! Sənin öz canına rəhmin gəlmir. Tabağçı yerindən tərpənmir, yenə də şeylərini düzəldirdi. Tabağını silir, kisələri doldururdu və əllərini bir-birinə vurub bağırırdı: – Gəl müştəri, gəl!! Damğan püstəsidir! Gəlin dodağıdır! Qara kişmişdir! Haldan qara, baldan şirin! – Badam, ay madam! Gəl qadanı allam! – Dizmarıdır! Ağa malıdır! – Riçindir! Plov üçündür! – Almasan da tamaşasına gəl! Bir faytonun səsi eşidildi. Quru meyvə satan tələsik dönüb arxasına baxdı: – Gəldi, müştəri gəldi! Gəl, madam, yaxşı püstə-badam, ləbləbi, yar ləbi! Quru meyvə satan faytonda varlı bir müştərinin gəldiyini zənn edirdi. Lakin bir saniyədən sonra məlum oldu ki, faytonda gələn Bakı general-qubernatoru Nakaşidzedir. Quru meyvə satan, ata-baba qaydası ilə, iki əllərini dizlərinə qoyub baş əydi. Lakin onun əyilən başı daha yuxarı qalxmadı. Parapet ətrafını və Olkinski küçəni müdhiş bir qurultu titrətdi. Küçəyə baxan pəncərələrin şüşələri qırılıb tökuldu. Parapet ətrafında və Olkinski küçədə olan camaat qaçışırdı. Bir çoxları erməni-müsəlman davasının təzədən başlandığını zənn edirdi. Hələ bombanın tüstüsü dağılmamışdı ki, atlı kazaklar hadisə olan yerdən qırağa bir nəfər də olsa adam buraxmırdı. General Nakaşidzenin başı parçalanmışdı. Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi. * * * 1905-ci ilin may tətilləri başqa tətillərə heç də bənzəmədi. Bakı bolşevikləri az müddət içində, çarizmin erməni-müsəlman qırğını salmaqda nə kimi bir məqsəd daşıdığını fəhlə kütlələrinə anlatdı və çarın xain siyasətini lazımi qədər ifşa edə bildi. Çar hökumətinin fəhlələrinin beynəlmiləl həmrəyliyini pozmaq üçün meydana atdığı bu xain siyasət, işçilərin çarizmə qarşı nifrətini daha da artırmış oldu. Bakı fəhlələri bütün Rusiyanı bürüyən inqilaba səs verərək, öz həmrəyliyini elan edir və tətilə başlayırdı. Yerli hökumət özünü itirmişdi; Bakıda fəhlə hərəkatını boğmaq üçün son silah olaraq işlətdiyi milli qırğınlarla da əsas məqsədinə çata bilməmişdi. May tətilləri Bakı burjuaziyası və onun arxasında duran çarizm üçün yeni və böyük bir zərbə idi. Fabriklər, zavodlar, mədənlər, müəssisələr bir-birinin dalınca tətilə başlayırdı. Nakaşidzeyə atılan bombanın səsi kimi qurultu salan tətil səsləri də bütün mədənlərdə qurultu qoparmışdı. Nobel qardaşları şirkətinin fabrikləri, zavodları, mədənləri, emalatxanaları tamamilə tətilə başladı. Bolşevik fəhlələr fəhlə rayonlarına yola düşdü. Xatisovun, Şibayevin, Levinsonun zavodları da tətil etdi. Elektrik stansiyası dayandı. Elektrik vasitəsilə hərlənən maşınlar hərəkətdən qaldı. Bibiheybətdə, «Kaspi» şirkətinin müəssisələrində, mədən və emalatxanalarında işlər dayandı. «Moskva» cəmiyyətinin qazanlarından buxar buraxıldı, maşınlar səsini kəsdi, emalatxanalar susdu. Tətil Ramana rayonuna da keçdi. Mantaşevin müəssisələri işini dayandırdı. Balaxanı—Sabunçu rayonunda kontor fəhlələri öz tələblərini verdilər. «Votan» şirkəti yavaş-yavaş tətil qarşısında titrəməyə başladı. Aramazd, Mirzoyev, Krasilnikov, «Molot», Ter-Akopov, Saruxanov şirkətlərinin fəhlələri tətilə qoşuldu. Hacı Zeynalabdin Tağıyev öz toxucu fabrikindən tətil elan edildiyi xəbərini alar-almaz, əlini-əlinə vurub dedi: – Rəhmətlik Nakaşidze belə günlərdə mənə necə lazım olurdu!.. Hacının öz təbirincə, fabrik fəhlələri «ədəbsizlik edib», iyirmi dörd maddədən ibarət bir tələbnamə vermək istəyirlərmiş. Hökumət əvvəldə olduğu kimi yenə də fəhlələri rəhbərsiz qoymağa və onları tutmağa qərar verirdi. Hökumət Montini axtarırdı, lakin Bakıda bu adda bir fəhlə yox idi; Montin Çupatov adı altında öz fəaliyyətində davam edirdi. Buna görə Keşlə rayonunun polis rəisi Bakı qəzası polis rəisinə may ayının onunda belə bir raport verdi: «...O — Çupatov, deyilənlərə görə, Rusiyanın on altı şəhərində gəzib, ancaq fəhlə məsələsi ilə məşğul olmuşdur. Həmin bu məsələni Çupatov indi Ağşəhər və Qarasəhər fəhlələri arasında da genişləndirməyə başlamışdır. Çupatov fəhlələr arasında böyük nüfuza malikdir. Məsələn, o hər hansı bir məsələ üçün fəhlələrə müraciət etdikdə, bütün fəhlələr bir səslə «Sən necə istəsən, elə də edəcəyik — deyirlər». Qubernator, Çupatov adı ilə çalışan Montinin may tətillərindəki fəaliyyətini nəzərə alıb, tutulmasına əmr verdi. May ayının on birində Şibayev zavodunun həyətində üç yüzə qədər fəhlə yığılmışdı. Çupatov (Montin) fəhlələrin tələbləri haqqında danışmaq üçün zavod müdirinin kabinetinə getmişdi. Polislər Çupatovu tutmaq üçün zavodun həyətinə girdilər. Pavluşa, Əsgər, Məmməd və başqa fəhlələr Montini aralığa alıb polislərə qəti etiraz etdilər. Nəhayət, qorxuya düşmüş polislər qayıdıb getdilər. Gənc Montin yoldaşlarını götürüb, tətilə çıxmayan müəssisələrə doğru irəlilədi. * * * Bomba partladıqdan yarım saat sonra Hacı öz xanımının qulağına bir şey pıçıldadı; lakin, onun dediyini evdəkilər ancaq bir saatdan sonra bildilər. Xanımın xüsusi dərzisi, əlində qara bir boqça içəri girdi. Bütün ev qulluqçularını böyük salona topladılar. Əvvəl xanım, sonra Hacının, ondan sonra da bütün ailə üzvlərinin və ev qulluqçularının qollarına qara bağladılar. (Bu hal yalnız Hacının evində deyil, bütün müsəlman burjuaziyasının evində görünürdü). Hacı Nakaşidzeni müsəlman tərəfdarı hesab edir, onun yasını saxlayırdı. Bəzi avam adamların dilindən: «Rəhmətlik Nakaşidze müsəlmanların əlindən getdi» sözlərini də eşitmək olardı. Nakaşidzenin öldürülməsi ermənilər tərəfindən müsəlmanlara qarşı bir nümayiş olduğunu avam xalqın zehninə yerləşdirmək o qədər də çətin deyildi; avam müsəlman xalqı fevral hadisələrinin iç üzünü anlamamışdı. Bu yolda erməni və müsəlman ruhanilərinin geniş kütlə arasında apardığı təbliğat da az iş görmürdü. Bakı komitəsinin erməni və müsəlman fəhlələri arasında apardığı izahat işləri fəhlələrə güclü təsir bağışlayır və məsələni aydınlaşdırırdı, lakin bir-biri əleyhinə qaldırılmış geniş avam camaatı baş salmaq asan bir iş deyildi; hələ bu da var ki, Zaqafqaziya bolşevikləri yalnız hökumətlə deyil, menşevik, daşnak və sair millətçi partiyalarla da mübarizə aparmaq məcburiyyətində idilər. 1905-ci ilin may ayı, bütün Zaqafqaziyada başlanmış partiya mübahisəsinin ən şiddətli zamanına təsadüf etmişdi. Zaqafqaziya bolşevikləri, millətçi partiyalarla — daşnaklarla, federalistlərlə, anarxistlərlə və başqaları ilə amansız mübarizə aparırdılar. Millətlər çar xəyanəti nəticəsində tökülmüş qanda boğularkən, bolşevizmin düşməni olan partiyalar bolşeviklərin fəhlələri hökumətə qarşı aparılan mübarizə bayrağı ətrafında toplamalarına mane olurdular. Həmin bu mühüm günlərdə Tiflisdə kropotkinçi anarxist Sereteli və Qoqoliyə qarşı böyük mübahisə təşkil edilmişdi; bu mübahisələrdə menşeviklərin və eserlərin liderlərini məğlub etmək lazım gəlirdi. Bu mühüm və tarixi günlərdə, çar hökumətinə qarşı fəhlə sinfinin vahid cəbhəsini düzəltmək lazım gəldiyi bir zamanda, menşeviklər Zaqafqaziya bolşeviklərinin çar hökumətinə qarşı düzəltmək istədikləri mübarizəyə və silahlı üsyan şüarına maneə törətməyə başlamışdılar. Avam müsəlmanların gözünü boyamaq istəyən Hacı Zeynalabdin Tağıyev Bakıda çıxardığı «Kaspi» qəzetində qara xətt içərisində belə bir elan dərc etdirmişdi: Elan «Əziz və hörmətli dostum cənab general-qubernator Nakaşidzenin faciənə ölümünü bütün dost və aşnalara kəmali təəssüflə xəbər verirəm. Mərhumun təziyə məclisinə gəlmək istəyən Bakı əhalisi, Hacı Zeynalabdin Tağıyevin Gorçakovski küçədəki evinə buyurmalıdırlar». Hacı qəzetə elan göndərməmişdən əvvəl öz dostlarına telefonla bu barədə xəbər vermişdi. «Əziz dostlar» bir yerə toplandıqdan sonra Bakı üləmasının iştirakı ilə bir iclas çağırılması qərara alınmışdı. Əlimərdan bəy Topçubaşev qələm, kağız götürüb yazmağa başladı. O ancaq Hacı göstərdiyi adamları yazırdı: Axund Molla Yusif Talıbzadə. Mir Məhəmməd Kərim-qazı. Əlizadə. Hadizadə... Siyahı bitdikdən sonra, bunların hər birisinin adına xüsusi bir məktub göndərildi. Məclisə çay gətirildi. Hacı stəkanını qarışdırarkən, fabrikdən nümayəndələr gəldiyini xəbər verdilər. Hacı üzünü yanındakılara çevirib dedi: – Bu tərbiyəsizlərin nə üçün gəldiyini çox gözəl bilirəm. Fəhlə nümayəndələri fabrik fəhlə və işçilərinin iyirmi dörd maddədən ibarət olan tələblərini gətirmişdilər. Nümayəndələr çərkə ilə Hacının qabağında durmuşdular. Hacı onlardan soruşdu: – Oğlanlarım, nə üçün dəzgahınızı buraxıb gəlmisiniz?! Hacının görmək belə istəmədiyi bir fəhlə irəliləyib dedi: – Hacı, bizi sizin yanınıza fəhlələr göndərmişlər. – Onlar nə istəyirlər? Hərkəs sizi cənab qubernatorun vəfatı münasibəti ilə mənə başsağlığı vermək üçün göndərmişlərsə, məndən onlara razılıq aparın, deyin ki, Hacı sizdən çox razıdır. Nağıyev: – Xeyr, — dedi, — fəhlələr bu barədə bizə heç bir söz deməmişlər. – Bəs nə üçün göndəriblər? – İşləmək mümkün deyil, yaşayış çox ağırdır! – Məsələn, yaşayışın hansı tərəfi ağırdır? – Hər tərəfi! Fabrikdə yaşamaq mümkün deyil. – Nə üçün? – Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada altmış fəhlə yerləşmişdir. Təmizliyə diqqət verilmir. Xəstəlik fəhlələri qırıb qurtarıbdır. Doktor yoxdur. Hacı özü bilir ki, az vaxtda fabrikin yanında böyük bir qəbristan düşmüşdür. Bunun özü göstərir ki, fabrik sahibi fəhlələrin salamatlığı ilə hesablaşmır. Fabrikdə bu qədər fəhlə üçün bir nəfər feldşer var, o da heç bir şey bacarmır. Xəstə fəhlələrin doktora getməyə pulu yoxdur. Buna görə də vaxtsız-vədəsiz ölürlər. Arvadlar üçün mama yoxdur. Bir həftə içində səkkiz qadın uşaq üstündə ölmüşdür. Mama olmadığı üçün onlar evarası mama gətirirlər. Beş nəfərlik, altı nəfərlik ailə kiçik bir otaqda yerləşibdir. Fabrikdə məktəb yoxdur. Bu qədər fəhlə uşağı gələcəkdə dilənçimi olacaqdır? Gərək buna Hacı da razı olmasın. Havalar istiləşdikcə fabrikin havası xarablaşır. Çirkab suları küçələrə çıxır, qoxuyur; evlərin qabağından keçmək mümkün deyil; xəstəlik törəyir, yazıq fəhlə balaları qarışqa kimi tələf olurlar. Xüsusilə maaşların azlığı fəhlələrin salamatlığına pis təsir edir. Sizin fabrikdə açdırdığınız dükan fəhlələri açıqdan-açığa qarət edir. Yemək şeylərinin qiyməti özgə dükanlara nisbətən yarıbayarı bahadır. Ay başında əlimizə bir qara qəpik də vermirlər. Bir çoxları gələn ayın maaşını bu aydan yeməyə məcbur olur. Belə davam edərsə, fəhlələr buna tab gətirə bilməyəcəklər. Onlar acından qırılmaq istəmirlər. Sizin fabrikdə iş günü başqa fabriklərə nisbətən bir saat uzundur, maaşlar isə başqalarına nisbətən otuz faiz azdır. Fəhlələr yarı ac, dilənçi kimi yaşayırlar. Fəhlələrin əmək qabiliyyətlərini itirməmələri üçün onların iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır, çünki fəhlə layiqincə yemədikcə, layiqincə işləyə bilməz. Bunları nəzərə alıb biz sizə vermək üçün fəhlələrin iyirmi dörd maddədən ibarət tələbnaməsini gətirmişik. Fəhlələr bu tələbnaməyə Hacıdan cavab gözləyirlər, lazımı cavab almasalar işi buraxmağa məcbur olacaqlar. Biz fabrikin müdiri Hacı Məmməd Hüseynə bu barədə müraciət etdik, amma heç bir nəticə əldə edilmədi. Axırda özümüz sizin yanınıza gəlməyə məcbur olduq. Hacı gözlərini sildi. Əlini saqqalına çəkdi, fabrikdən gələnlərə dedi: – Oturun, oğlanlarım! Müsəlman milləti erməni və başqaları kimi mədəni olsaydı, həmin bu günləri nəzərə alıb, Hacının yanına bu tələbnaməni gətirməzdi. Çox heyif olsun ki, bizimkilər bu cür müsibətli bir gündə öz qarınlarının həşirinə düşüblər, özgə millətlərdən ibrət götürmək istəmirlər. Siz bilirsiniz ki, bu gün nə günüdür? Cəbi cavab verdi: – Bu gün çaharşənbə axşamıdır. – Çaharşənbə axşamı olduğunu mən də bilirəm. Mən soruşuram ki, bu gün necə bir gündür? Bu gün müsəlman millətinin nin ikinci aşurasıdır. Bu gün Nakaşidze kimi kişinin öldürüblər. Bu ölümün səbəbini bilməyən adamın milli namusu, milli düşüncəsi yoxdur. Siz bilirsiniz ki, bu kişi sizin yolunuzda qurban oldu? Mən indi başımı itirmişəm, heç bilmirəm ki, müsəlmanlar nə cür Bakıda baş saxlaya biləcəklər. Heç bilmirəm ki, biz bu rəhmətlikdən sonra kimə arxalana biləcəyik, siz də bir tərəfdən tələbnamənizi gətirib, məni xırda işlərlə məşğul etmək istəyirsiniz. Siz bilirsiniz ki, mən müsəlman millətinin tərəfdarı olduğum üçün yetmiş iki millət əzmini cəzm eləyib, məni yerimdən qoparmaq istəyir? Bunun səbəbi nədir? Səbəbi budur ki, məni dağıda bilsələr, müsəlman millətini birçə ildə yerdən götürə bilərlər. Mənim qeyrətim bunu qəbul etmir. Nə qədər canım sağdır, müsəlmanların başından bir tük çəkilməsinə razı olmayacağam! Müsəlmanların zəlil olmasına imkan verməyəcəyəm! Bu dövləti bir qəpiyə qədər müsəlmanların yolunda xərcləyib qurtaracağam. Nə qədər ki, Hacı Zeynalabdinin nəfəsi gəlir, müsəlmanların gözünü püfləməyə heç kəsdə cürət olmayacaqdır. Mən olmasaydım, xariçilər çoxdan müsəlmanları ayaqları altına almışdılar. Fabriki nə üçün açdım? Səbəbini bilmirsinizmi? Fabriki ondan ötrü açdım ki, müsəlmanlar gedib xariçi məzhəblərə boyun əyməsinlər, onların özünün fabriki, zavodu olsun. Siz də gərək çalışasınız ki, bu cür zavodların, fabriklərin sayı gündən-günə artıq olsun. Onda xariçilər gəlib sizə boyun əyər və sizin fabriklərinizdə, zavodlarınızda işləməyə möhtac olarlar. Heyif olsun ki, siz də xariçilərə qoşulub məni yerdən götürməyə çalışırsınız. Heç sözüm yoxdur, gedin fabriki yandırın. Gəlib bu evləri də, pasajı da, bankı da yandırın görək mənim cibimdən nə gedir? Heç zad! Çünki bu var-dövlət mənim deyil, müsəlman millətinindir. Mən bu var-dövləti müsəlman millətinin yaman günü üçün saxlamışam. Bu var-dövlət, bu cahı-cəlal fəhlələrin iftixarıdır. Mən də sizin kimi bir fəhlə babayam: bir əynimdir, bir də qarnım. Fəhlələr bilsələr ki, fabrik nə qədər zərər verir, heç də danışmazlar. Mən evlərin, passajın, balıq vətəkəsinin, bankın və Yevlaxdakı əlli min desyatin torpağın gəlirini fabrikin üstünə qoyuram ki, müsəlman fəhlələrinin başı xariçilər yanında aşağı olmasın, onlar deməsinlər ki, on minlərcə müsəlman bir fabriki saxlaya bilmədi. Gərək müsəlman fəhlələri o dinsiz, o babı bolşeviklərin sözünə baxmasınlar. Onların rus olanları dinsizdir, müsəlmanları da babıdır. Onlar müsəlman dininin, malının, canının düşmənidir. Neçə ki, deyirəm, eləcə də gedib fəhlələrə xəbər aparın. Mən şapalaq ilə üz qızardıram, xariçilər elə bilirlər ki, Hacının qızılı daşır. Qoy elə də bilsinlər! Bu, müsəlmanın başının ucalığıdır. Gərək fəhlələr də öz işlərini, əyiblərini açıb xariçilərin qabağına tökməsinlər. Xariçilər doğrudan da məni özlərindən varlı bilirlər. O ki, qaldı bu tələbnamə, — mən bunların hamısını bir-bir yerinə yetirəcəyəm. Mən fabriki necə ki, dedim, qazanc etmək üçün açmamışam. Mənə «millətin babası» adını müsəlmanlar deyil, xariçilər qoymuşlar, çünki mən müsəlmanları qanadımın altına alıb, onların yolunda da çalışıram. Mən bu vəzifəni lazımınca yerinə yetirmişəm, yenə də yetirəcəyəm. Nümayəndələr Hacının sözünə çox diqqətlə qulaq verirdilər. Hacı sözünü bitirdikdən sonra, nümayəndələrdən biri dedi: – Hacı, siz buyuran sözlərin heç birisinə etiraz etmirik. Eybi nədir, qoyun belə olsun. Ancaq bu sözləri fəhlələrə xəbər verməklə fəhlənin halı yünkülləşmir. Onlar neçə ki, indi yaşayırlar, daha belə yaşamağa gücləri yoxdur. Biz onların yazılı tələbnamələrini sizə tapşırıb gedirik. Onlar bu tələbnamənin cavabını sabah saat on ikiyə qədər gözləyəcəklər. Cavab göndərilməsə və kifayətverici razılıq əmələ gəlməsə, fabrik tətil edəcəkdir. Nümayəndələr getdilər. Hacının məclisində olanlar bu hadisədən çox heyrətləndilər. Onlar Hacının uzun danışıqlarının təsirsiz qalmayacağına, fəhlə nümayəndələrinin sakit olacağına ümid edirdilər. Hacı Zeynalabdin yanındakılara tərəf dönüb dedi: – Gördünüz ki?! Bunlar haman adamlardır ki, vaxtı ilə öküz kimi başlarını aşağı salıb işləyirdilər. İndi bunlar rus və erməni fəhlələrindən də həyasız olublar. Bunları qudurdan bolşeviklərdir. Nə fayda, rəhmətlik general çox yaşamadı! Onun özü mənə demişdi ki: «Fəhlələrin beyninin qapağını götürüb onun içindəki mürdar fikirləri dağıdacağam». İnşallah, sağlıq olar, gec-tez onun bu fikri həyata keçər. * * * Hacı cənazənin nə zaman qaldırılacağını öyrəndikdən sonra telefonoqramma yazdırdı: birisini toxucu fabrikinə, o birisini də qız məktəbinə göndərdi. Sonra dəstəyi götürüb Hacı Məmmədi telefona çağırdı: – Hə, Hacı danışır. Əleykəssəlam... Elədi... Cənazə sabah yerdən qaldırılacaqdır... Əlbəttə lazımdır! Sabah fabrik gərək matəm münasibəti ilə işləməsin. Sənin özün də direktordan tutmuş mühəndislərə, baş ustalara, fəhlələrə, həyət süpürənlərə qədər mütəşəkkil surətdə şəhərə gəlib cənab qubernator mərhumun dəfnində iştirak etməlisiniz. Neçə ki, deyirəm, elə də edərsən. Onları çox nizamla, ədəblə, mərhumun şəninə layiq bir surətdə gətirərsən... Veriləcək, veriləcək, gələnlərin hamısının maaşı veriləcək. Hacı Məmməd! Hacı Məmməd! İşi düzəltmək lazımdır. İşi özbaşına buraxmaq olmaz. Sözünü saxla! Sözünü saxla! Gör sənə nə deyirəm. Sən pulun gücünü bilirsən ki!.. İndi ki, bilirsən, daha boş-boş niyə danışırsan?! Cəbilər, Əlövsətlər kimdir?! Onlar iki-üç nəfər adam deyilmi?! Ada, belə məni anla! Anla, gör nə demək istəyirəm. Sən fəhlələri onların başından dağıt, qoy meydanda özlərini tək görsünlər... Sözünü oradaca saxla, mən sənə təhərini öyrədim. Mənim bütün ömrüm fəhlə işlətməkdə keçibdir. Fəhlənin hamısı gözüaçıq olmaz. Elədir ki, var! Barakallah! Yaxşı baş tapmısan. Fəhlənin birisi, ikisi gözüaçıq olur, bunlar da yüz nəfəri, min nəfəri yolundan çıxardar... Belə ha!.. Sən gərək ayıq olub fəhlələri yoldan çıxardanları elə gətirəsən... Qaydasını mən öyrədim. Fabrikdə erməni-rus çox azdır. Orada olanların çoxusu İran camaatıdır. Mən bilə-bilə onları işə götürmüşəm ki, lazımi vaxtında anlatmaq mümkün olsun. Sən sabahdan bir gizlin siyahı tutarsan, orada İran fəhlələrinin dil bilənlərinin adını yazarsan. Özlərini də çağırıb gizlincə xəbər verərsən ki, «Hacı sizin məvacibinizi otuz faiz artırıbdır. Bu şərt ilə ki, heç kəs bilməsin, hər ayın başında bu otuz faizi gəlib gizlincə alacaqlar». O zaman tətil işi pozular. Cəbi, Əlövsət və Nağıyev kimilərinin burnu yerə sürtülər. Bildin ki?! Bəs sən o molla Zaman qırışmala demirsən ki, ay tənbəl qırışmal, Hacı sənə ayda iyirmi beş manat pulu niyə artıq verir?! Sən bir yığın axmaq İran fəhlələrini də yola gətirə bilmirsən?!. Sabah yox, birisi gün fabrikin kontor otaqlarını boşaldarsan, verərsən təmiz xalçalarla döşəyərlər, iyirmi pud qənd dükandan götürərsən. Mirzə Kamyabı da özüm çağırıb razı edərəm. Fabrikdə imam Hüseyn təziyəsi düzəldərsən. Fəhlələri işdən çıxan kimi qoymazsınız bolşeviklərin düzəltdiyi iclasa getsinlər. Təziyəyə gələnlərin hərəsinə iki stəkan şirin çay verərsiniz. Qoy onların başı təziyəyə qarışsın... Bir il bundan qabaq fabrikdə işlərinizi necə aparmaq üçün plan vermişdim. Haman kağızı tapıb ona əməl edərsən... Elə ha!.. Elə ha!.. Fəhlələri başlı-başına buraxarsan, gedər bolşevik olar! Sən bilirsən ki, o haramzada uşağın şirin dilləri vardır. Onlar gəlib hər kəsin yanında dillərini işə salsa, adamı yoldan çıxardar... O ki, qaldı avam İran fəhləsinə... Bir həftədən sonra fabrikə gəlib sənin işlərini yoxlayacağam. Haman o kontorun böyründəki, Cəbikilin məktəb üçün istədikləri böyük zalı da məscid qayırarsan. Göndərərsən Əhmədlidən bir dana da köhnə minbər gətirdərsən; üstünün qarasını, filanını tazalarsan. Molla Zamanın aldığı pulun üstünə beş manat artırarsan, deyərsən ki, Hacı belə əmr verib gərək gündə üç dəfə fabrikdə əzan verilsin. Həftədə iki dəfə də Hacızadəyə pul verəcəyəm. O da gəlsin namaz qılan fəhlələrin həmd surəsini, qəraətini öyrətsin. Bacardığınca fabrikdəki oğlan uşaqlarını məscidə və minbərə öyrədin... Bunları siz vaxtında yerbəyer eləsəydiniz, bu gün avam fəhlələr məktəb istəməzdilər, bu gün onlar mama adı, doktor adı çəkməzdilər. Xəstələrini doktorun yanına yox, yenə də molla, seyid yanına aparardılar. Hələ yenə də gec deyil. İşə çox tez başlamalıdır. Hacı Məmməd! Hacı Məmməd! Bir şey yadımdan çıxdı. Bir buxça qara göndərmişəm, gör onları bir təhər cənazəni basdırmağa gələn fəhlələrin qollarına bağlatdıra bilərsənmi? Qabaqca beş-altı nəfəri yanına çağırıb, əlinə beş-altı şahı bas. Fəhlə taifası qoyun kimi bir zaddır, elə ki, onların qolunda qara gördülər, biri ki, atıldı, o birilər də onun dalınca atılacaq... Dediklərim yadında qaldı ki? Hə! İndi ki, yadında qaldı, get işin dalınca ol, sabah sənin dəstəni gözləyəcəyəm. Hacı dəstəyi yerinə qoydu, dərindən nəfəs aldı, mürəbbədən bir qaşıq ağzına qoyub, qabağındakı soyumuş çayı içdi. Dəstəyi yenidən götürüb qız məktəbini səslədi: – Hacıdır. Sabah cənab qubernator mərhumun cənazəsi qaldırılacaqdır. Bütün şəhər camaatı qabaqca bizim evdə yığılıb quran oxunduqdan sonra cənazəni qaldırmaq üçün mərhumun qapısına gedəcəkdir... Səhər saat birdə, qızların saçlarına və qollarına qara lent bağlayıb nizam ilə gətirərsiniz... Bu əmrə itaət etməyən talibələrin adlarını dəftərə qeyd edərsiniz. * * * Camaatın bir ucu Barjatinski küçədə, o biri ucu da «Qafqaz Merkuri» körpüsünün yanında idi. Hacının evinin qabağından — Gorçakovski küçədən keçmək mümkün deyildi. Dükançılardan başlamış küçə hamballarına qədər qubernatorun cənazəsi mərasiminə toplanmışdılar. Hacı Aslan və onun qoçuları bazara düşüb, hər kəsi görürsə: – Durma! Nə üçün durmusan, Hacının qapısına! — deyə, — camaatı qoyun sürüsü kimi ürküdüb, Hacının qapısına tökürdü. Qoçular: – Bağla dükanı! — deyərək sağa-sola qaçır, bütün şəhəri qubernatorun dəfn mərasimində iştirak etməyə məcbur edirdilər. Onlara belə əmr verilmişdi. Hacının salonunun geniş pəncərələrindən, öldürülmüş qubernator üçün oxunan quran səslərini, qurultulara baxmayaraq küçədən eşitmək mümkün idi. Hacı özü cənazə mərasiminə gələnlərin qədərini və kimlərdən ibarət olduğunu tez-tez gözdən keçirirdi. Otaqlarda yer yox idi. İçəriyə ancaq əvvəlcədən tutulmuş siyahıda adları göstərilən adamlar girə bilirdilər. Hacı Aslanın qoçuları da çərkə ilə düzülmüşdülər: başlarında qara uzun buxara papaq, əyinlərində gümüş zərli şüşə düyməli qara məxmər jilet vardı, bığları altdan yuxarı burulmuşdu. Pençəklərinin ətəyi altından bağlanmış tapançaların başları, ölmüş atın omba sümükləri kimi görünürdü. Saçlarına və qollarına qara lentlər bağlanmış qız məktəbinin talibələri də çərkə ilə düzülüb qoçularla yan-yana durmuşdular. Qoçuların söhbətlərindəki məzmunu qızların üzündən oxumaq olardı. – Gəl səni götürüm qaçım, bizim ellərə, ellərə... – Adama birini vurasan qoltuğuna, basasan faytona, düz sürəsən Nardaran bağlarına. – Hacının bu ehsanının üstü yoxdur! O yanda duran arvadı görürsən ki, cəmi işlər onun əlindədir. And içibdir! Bunların hamısını gərək ərə versin. – Bizə ki, yetişməyəcəkdir... – Aşurbəyovlardan artıq qalsa, sənə də yetişər. – Elədi ki, var. Müdirənin otağında gecə qonaqlıqdır. – Hər kəs qız bəyənmək istəyirsə, gərək, başında yaşıl şlyapası olanı görsün. Bu cür söhbətlər sıra ilə duran qızları təbii halından çıxarmaqda idi. Hacı Aslanın qapıya çıxması bu söhbətlərin qabağını aldı. Nədənsə milyonçu Hacı da öz təbii halında deyildi. Çox açıqlı idi. Hacı birdən-birə daha da açıqlandı, dəstəyi telefon aparatının üzərinə atıb dedi: – Namussuzlar! Babı, dinsiz köpək uşağı! Dünəndən bəri telefonla bir Quran söz demişəm, yenə də bir iş görə bilməyiblər! Əlimərdan bəy soruşdu: – Hacı, yenə nə hadisə üz vermişdir? – Nə hadisə üz verəcəkdir ki, bundan artıq olsun?! Fabrikə telefonoqramma göndərib tapşırmışam ki, fabrik tətil etsin, fəhlələrinin hamısı dəstə ilə şəhərə gəlib, mərhumun cənazəsində iştirak etsin. Bunun çox siyasi mənası vardır. Fabrik tətil edib, amma heç birisi şəhərə gəlməyib. Əlimərdan bəy təəccüblə soruşdu: – Nə üçün, cənab Hacı? – Nə üçün? Çox sadə! Haramzada, naseyid, babı köpək oğlu Mir Həsən yenə də bilmirəm hansı bacadan içəri soxulub, miting düzəldib, ağzına gələni deyib, fəhlələri başdan çıxarıb, fəhlələr də dağılıb evlərinə gediblər. Bilmirəm, bu şeytan köpək oğlunun əlindən hara qaçım! Haramzada oğlunu o qapıdan qovursan, bu qapıdan içəri soxulur. Hacını Quran oxumaq səsi sakit etdi. Mollalar Yasin surəsinin ayələrini bir-birinin ağzından qapırdılar. Quranı oxuyub qurtardılar. Küçəyə çıxmaq lazım gəlirdi. Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. Bu barədə Hacı Aslana xüsusi göstəriş verilmişdi. O, Hacını hər cəhətdən arxayın elədi: – Ramanalı Qurban, keşləli Mustafayev Həsən, Dursun növəsi Əkbər, İçərişəhərli Molla Qasım uşaqları, Şahkəldi növəsi Tağı, Çəmbərəkəndli Sadıq, marojnaçı Hüseyn, surahanılı Əli Abbas, Şıx Balayev Zəfər, Babayev, aşağı məhəllələrdən Hacı Zərbəli oğlanları, Danasatan oğlu Süleyman, Məhəmmədəli Əbdürrəzzaq, Palton Abbasqulu, Novxanıdan Hacı oğlu Məşədi, Səlim oğlu Soltan, nardaranlı Paşa və sairə qapıda durmuşlar. Hacı Aslan börkünü gözlərinin üstünə itələyib, sözünə davam etdi: – Bu saydığım adamların hamısı burada hazırdır. Hacı nə əmr etsə, o saat yerinə yetirəcəklər. Ən qabaqca ruhanilər küçəyə çıxdılar. Bundan sonra Hacı aralıqda olmaq üzrə, Bakı kübarları, Bakı ziyalıları, fabrikaçılar, zavodçular, neft sahibləri bayıra töküldülər. Hacı Aslan ortalıqda xoruz kimi o tərəf-bu tərəfə atılırdı. O, əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səsləndi: – Uşaqlar! Hazır olun! Qapıda duran iki yüz nəfər Bakı qoçusuna sanki hazırlıq komandası verildi. Onlar əlləri ilə bellərindəki tapançanı yoxladılar. Hacı Aslan çuxasının ətəklərini qurşağına ilişdirib, qoçu dəstəsinin qabağında o tərəf-bu tərəfə fırlandı, əlindəki uzun çubuğu ilə onlara bəzi işarələr verdikdən sonra yenə də Hacının yanına qayıtdı. Hacı Aslanın verdiyi əmrə görə ramanalı Qurban ilə keşləli Mustafayev Həsənin dəstəsi ruhanilərin qabağınca gedib, küçəni təmizləyəcəkdi, çünki bir gün əvvəl daşnakların cənazəyə hücum edəcəyi şayiələri şəhərə buraxılmışdı. Yerdə qalan qoçular isə daldan, sağdan, soldan gedib cənazəni qorumalı idilər. Cənazədən bir az dalda çəmbərəkəndli Sadıq və Şahkəldi nəvəsi Tağının dəstəsi gedəcəkdi. Hacı səkiyə çıxıb, cənazə alayına gələnləri gözdən keçirdi. Hacının gözünə görünmək istəyən yüzlərcə yaltaq ziyalı ayaq barmaqları üstündə qalxıb başlarını zurafə kimi yuxarı qaldırırdılar. Hacının nəzərini hamıdan artıq cəlb edən qara lent bağlamış məktəb qızları idilər. Məktəb müdirələri — Məryəm xanım Sulkeviç və Səkinə xanım Axundova başdan ayağa qara paltar geymişdilər, özləri də talibələrin yanında dayanmışdılar. Böyük kilsənin böyük və xırda zəngləri birdən-birə səsləndi. Bu səs, cənazənin qaldırıldığı xəbərini verirdi. Hacının qapısında yığılanlar, qubernatorun evindəki cənazə alayına qoşulmaq üçün hərəkət etdilər. Çalınan zənglər və dəstələrin qabağında gedən ruhanilərin ağzından çıxan yasin və ərrəhman sədaları Bakı qoçuları və Bakı kübarlarının hərəkət marşı idi. Mollalar: «Külli mən əleyha fan» sözlərini dedikdə keşişlər də: – Upakoy, qospodi, duşu usopşeqo raba tvoeqo — deyərək, mollaların sözünə qüvvət verirdilər. «Millətin babası» — Hacı irəlilədikcə Bakı kübarları, Bakı millətçiləri də irəliləyir, arxalarınca gələn avam müsəlmanları ikinci erməni-müsəlman qırğınına doğru sürükləyirdilər. Bakı milyonçusunun bu hərəkəti, ermənilərlə müsəlmanlar arasında keçilməz bir uçurum yaratmağın zəminəsi demək idi. Cənazə üstündə hamıdan artıq iki nəfər ağlayırdı: onlardan birisi qoçubaşı Hacı Aslan, o birisi də milyonçu Ağabala Quliyev idi, çünki bütün Bakı müsəlmanlarından ancaq bu iki nəfər «Rus Milli İttifaqına» üzv yazılmışdı. * * * Hökumətin ikinci xəyanətinə qarşı Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar. İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər. May tətillərinin qəhrəmanı olan Montin iyul ayının iyirmisində tutulub Quba şəhərinin dustaqxanasına aparıldı. Lakin bununla bolşeviklər öz fəaliyyətlərini dayandırmadılar. Onlar hər gün iclaslar keçirir, hökumətin ikinci erməni-müsəlman qırğını hazırlaması haqqında geniş zəhmətkeş kütlələrinə məlumat verir və buna cavab olaraq fəhlələri avqust tətilinə çağırırdılar. Bu gün Əsgər də iclas keçirmək üçün Bayıl—Bibiheybət rayonuna getmişdi. Oradan çox gec qayıtdı. Balaxanı—Sabunçu rayonuna getmək mümkün olmadığından, o, Vasyanın mənzilinə getməyi, orada keçələməyi qərara aldı. Gecə saat on birdə Əsgər Vasyanın qapısını döydü, Vasya onu bir köynəkdə qarşıladı. Əsgərin gəldiyindən sevindi: neçə gün idi ki, Pavluşa və başqaları Vasyanı danışdırmırdılar. Yoldaşların hamısı Susanna məsələsində Vasyadan incimiş, onun mənzilindən ayaqlarını çəkmişdilər. Əsgər Vasyanın otağına göz gəzdirdikdə, doğrudan da otağın əvvəlki otaq olmadığını gördü. Otaq hər cəhətdən dəyişmişdi. Tavanı və pəncərələri abı rənglə rənglənmişdi, qapıdan və pəncərələrdən ağ, nazik və zərif pərdələr asılmış, əvvəlcə qəzet kağızları çəkilən stolun üstünə təmiz bir örtük salınmış, ağ üz dəsmalı əlüzyuyanın yanındakı çəngəldən asılmış, çay dəskahının və yemək qablarının üstünə ağ dəsmal salınmışdı; yatacaq tamamilə dəyişmiş və mədəni bir şəkil almışdı; evin döşəməsində milçək qanadı qədər zibil yox idi. Otağın səliqəli və mədəni bir qadının idarəsində olduğu məlum olurdu. Vasya Əsgərin çiyninə vurub dedi: – Görürsən ki, bunların hamısını o qız sahmana salıbdır. Sənin də Pavluşanın başına and olsun ki, bunların heç birisindən xəbərim olmamışdır. Mən ömrümdə belə bir sədaqətli, mərifətli, ədəbli qız görməmişəm. Bir parça qızıldır. Hələ onun marksist bir qız olduğunu və Marksın nəzəriyyəsini tamamilə mənimsədiyini görsən, heyrət edərsən. Amma çox təəssüf ki, yazıq qızın bəxti yoxdur. Yoldaşların heç birisi onu görmək istəmir. Nə üçün? Baş tapmıram! Birisi deyir ki: «Menşeviklər bu gözəl qızın vasitəsilə bolşeviklərin sirlərini almaq istəyirlər». Bəzilərindən eşidirəm: «Vasyanın özü də menşeviklərin xətt hərəkətinə yaxınlaşır». Bir qismi də belə söyləyir: «Vasya bu qızla evlənəcəkdir...» Doğrudan da qız mənə o qədər bağlanmışdır ki, qonşularımız da bizim ailə düzəldəcəyimizə inanırlar. Lakin mən Əsgərə söz verirəm ki, bu cür fikirlər xəyalıma da gəlməmişdir. Əvvələn, mən evlənmək istəmirəm, ikincisi də, qız çox gözəldir, ailəsi zəngindir, mən onun nazını çəkə bilmərəm. Tutaq ki, qız məni sevir, lakin yenə də onunla mənimki tutmaz. Amma bunu da deyirəm ki, qız bolşevikdir. Əsgər təəccüblə onun gözlərinə baxıb soruşdu: – Sən onun bolşevik olduğunu haradan bilirsən? – Mən də az-çox marksizm və sosializm məsələlərini anlayıram. Görürəm ki, qız məndən daha bilikli, daha qanacaqlı bolşevikdir. – Elə bu? – Daha bundan artıq nə olsun? – Hərgah sən ona marksizmi bildiyi və bu nəzəriyyəni lazımınca mənimsədiyi üçün bolşevik deyirsənsə, bu tamamilə yanlışdır, çünki insan bunları bilməklə yox, onu həyata keçirməklə, o nəzəriyyəyə sadiq qalmaqla, fəhlə hərəkatında iştirak etməklə bolşevik ola bilər. Bilirsən nə var, Vasya? Bir menşevikin bacısı bolşevik ola bilər. Bunu heç də inkar etmək olmaz! Lakin onun doğrudan da bolşevik olmasını öyrənmək və təyin etmək lazımdır. Bolşevikin başlıca sifətlərindən birisi də sayıq olmaqdır. Hər bir bolşevik öz qoşulduğu adamı yoxlamalı və onun nəliyini öyrənməlidir. Bunu bacarmasa, daha o nə bolşevikdir? İndi sənə sual verirəm: o qızı lazımınca öyrənmisənmi? O qız doğrudan da bolşevikdirmi? O qızla bir bolşevik kimi oturub danışmaq olarmı? Vasya dedi: – Mən zənn edirəm ki, o qız mənim təsirim altında sənin dediyin bir bolşevik ola biləcəkdir. Sən onun özü ilə bir də danış. O, səhər tezdən bura gələcəkdir. Özü ilə danışsan, görəcəksən ki, qız nə qızdır! Onda görərsən ki, bir çoxları mənə həsəd aparır; onunla danışdıqdan sonra görəcəksən ki, Jenya onun bir dırnağı da ola bilməz. Hər cəhətcə Jenyadan üstündür. Əsgər çiyinlərini dartdı və dodaqlarını büzüb dedi: – Sən deyirsən, mən də eşidirəm. Əvvələn, mən burada sən dediyin kimi, Jenya ilə Susannanı müqayisə edə bilmərəm. Doğrudur, mən Jenyanı yaxşı tanıyıram, amma Susanna ilə tanış deyiləm. Onu bir kərə konkada bayıldığı zaman götürüb faytona qoymuşuq. İkincisi də, mən o zaman yalnız qarşımıza çıxan hadisə ilə məşğul idim, qız heç yadıma da düşməmişdi. Gözəlliyə gəldikdə, demək olmaz ki, Jenya gözəl deyil, o həm gözəldir, həm də ədəblidir, tərbiyəlidir. İndiyə qədər mən onun Pavluşanı sevdiyinə dair bir söz danışdığını görməmişəm. Bunların hamısı ilə bərabər Jenya bizim üçün ən səmimi yoldaşdır. O, bolşevikdir. Sən də, Pavluşa da onu anlamırsınız. Mən onun namuslu qız olduğuna heç də şübhə etmirəm. Vasya özünü yığışdıraraq Əsgərin cavabını verdi: – Sən Susannanı yaxşı tanısan, onda bilərsən ki, necə dəyərli qızdır. Susanna həmişə siyasi və ədəbi məsələlərdən danışır. Sağlıq olsa, sabah tezdən onu burada görəcəksən və biləcəksən ki, mən sənə yalan satmıram. O bizim dalımızca deyilən sözləri eşitdiyi zaman deyir ki: «Mən elə də iradəsiz qız deyiləm, qoşulmaq və dost olmaq üçün də namuslu adamlar tapmağı bacarıram və bununla fəxr edirəm, dedi-qodulara heç də əhəmiyyət vermirəm. Mənə yoldaş lazımdır. O da sevgi yoldaşı yox, əqidə yoldaşı olmalıdır». Mən bu sözləri onun öz ağzından necə ki, eşitmişəm, elə də sənə deyirəm. Bir hərf artıq demiş olsam vicdanım yoxdur. Əsgər yavaşcadan gülərək Vasyadan soruşdu: – Sən kor ilə arvadının nağılını eşitmişsənmi? Bu sualdan Vasya acıqlandı: – Sən adam oğlusan ya yox? Əsgər yenə də gülərək dedi: – Mən adam oğlu olmadığım haqqında sənə az da olsa bir söz demişəmmi? – Yox deməmisən! – İndi ki, deməmişəm, bəs bu nə sualdır? – Sənin xasiyyətin məni məcbur edir ki, sənə bu qaba sualı verim. Ada, sən adamsan, iki saatdan bəri danışıram, axırda yenə başlamışsan mənə kor ilə arvadının nağılını deməyə. Zarafatın da yeri var. Sən, bir də Ayrapet hərənin quyruğuna bir çöp taxmaq istəyirsiniz. Özünüzün də üç qəpiklik ağlınız yoxdur. İndi səndən soruşuram: mən ölüm, özün de görüm, heç burada nağıl deməyin mənası varmı? – Vasya, acıqlanma! Yoldaş canı, zarafat eləmirəm. Korun arvadı ilə olan nağılı lap sənin barəndə düzəlibdir. – Necə yəni mənim barəmdə? Mən hara, kor hara? Korun arvadı ilə olan nağılının mənə nə dəxli var? – Sən bir acıqlanma! Nağıl o qədər uzun deyil. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz vur. – Yaxşı, danış görüm! – Bizim məhəllədə bir kor var idi. Anadan doğulanda kor doğulmuşdu. Onu evləndirmişdilər. Bir gün o öz arvadı ilə oturub danışırmış, arvadı ərinə deyir: «Çox heyif olsun, sənin gözlərin yoxdur. Sən mənim şuvə rəngli sünbül biçimli saçlarımı görsəydin, həmişə mənim gülər gözlərimi, qara kirpiklərimi, qızılgül yarpağına bənzəyən yanaqlarımı, təzə çırtlamış püstə kimi dodaqlarımı, dodağımın üstündəki qara və biçimli xalımı, yeridiyim zaman bir tavus quşu kimi süzdüyümü, çiynimin üstündən, çeyran kimi dönüb baxdığımı, bütün bədənimin naz və qəmzədən ibarət olduğunu görsəydin, biləcəkdin ki, sən dünyanın ən xoşbəxt bir adamısan». Kor arvadının bu sözlərini eşitdikdən sonra fikirləşib deyir: «Arvad, sözlərini inkar etməyə, sənə inanmamağa haqqım yoxdur. Ancaq məni şübhəyə salan bir şey var: hərgah sən özün dediyin kimi gözəl olsaydın, səni mənim kimi kora verməzdilər». Vasya dedi: – Nə olsun ki, bunun mənə nə dəxli var? Bizim söhbətimiz ilə bunun nə münasibəti? Əsgər cavab verdi: – Çox münasibəti vardır. Susanna sən dediyin kimi gözəl, tərbiyəli, mədəni, ədəbli bir qız olsaydı, onu sənə yaxın gəlməyə qoymazdılar. Sən fəqir, həm də bir qızın sevə biləcəyi oğlan deyilsən. Bəlkə də qızların arasında sənin kimiləri sevəcək qədər sarsaqlar vardır... Ancaq o qız ağıllı bir qız ola-ola, sənə yaxın gəlirsə, onun gizli bir səbəbi vardır. * * * Əsgər saat səkkizdə yerindən qalxıb Vasyanı oyatdı. Əlüzlərini yudular, yorğan-döşəyi yığışdırıb yerinə qoydular, pilətəni düzəldib çay qoymaq istərkən qapı açıldı, abı şlyapalı, nazik qiyafəli bir qız içəri girdi. Bu Susanna idi. Əsgər gözlərinə inanmadı: bu Susanna, konkada yıxılan Susannaya heç də bənzəmirdi. O, əlindəki bağlını stolun üstünə qoydu, paltosunu çıxarıb mıxdan asdı, şlyapasını götürüb paltosunun üstünə qoydu. Əlcəklərini çıxartdı, sonra da gəlib Əsgərlə tanış oldu. Vasya Əsgəri Susanna ilə tanış etdi: – Haqqında sənə danışdığım yoldaşımdır! Susanna onun əlini sıxaraq dedi: – Mənim həyatımın təhlükədən qurtarmasında iştirak edən yoldaşdır, mən çoxdan bəri sizinlə görüşmək və sizə təşəkkürümü bildirmək istəyirdim, bu gün o arzuma nail oldum. Qoyun hələlik sizin üçün çay hazırlayım, sonra oturub ətraflı danışarıq. Susanna mıxdan önlüyünü götürüb belinə bağladı, çay hazırlamağa, ev qadınları kimi çalışmağa başladı. Vasya sevincindən öz qabığına yerləşmirdi, bir Əsgərə, bir də Susannaya baxırdı. Çay hazır oldu. Susanna evlərindən Vasya üçün gətirdiyi ağ və yağlı çörəkləri stolun üstünə qoydu, özü də Vasyanın yanında oturdu, çörəkləri göstərib dedi: – Bunları anam, Vasya yoldaş üçün bişirmişdir. Çox yaxşı oldu ki, siz də gəldiniz. Mən çoxdan bəri sizinlə görüşməyi arzu edirdim. Madam ki, mən Vasya yoldaşla tanış olmuşam, bir zamanda ki, mən onunla əqidə yoldaşlığına qərar vermişəm, o vaxt Vasyanın yoldaşları ilə də tanış olmalıyam. Təəssüf olsun ki, onlar bu tərəflərə dolanmaq istəmirlər! Bilmirəm nə üçün? Məndənmi incimişlər, Vasyadanmı? Hər halda siz də, Vasyanın başqa yoldaşları da bizi yalnız buraxmışsınız. Mən Vasya yoldaşda həqiqi bir yoldaşlıq siması gördüm. Doğrudan da mən bu həqiqi və səmimi simanı menşevik ailəsi içərisində görə bilməmişdim. Əsgər özünü bilməməzliyə vurub soruşdu: – Siz menşevik ailəsindənsiniz? – Bəli! Bizim ailəmiz menşevik ailəsidir. Menşevik fəhlələrin rəhbərləridir. Siz İlya və Lev Şendrikovlar haqqında eşitməmisinizmi? – Necə ki, eşitməmişəm! Onlar dəfələrlə iclaslarda məruzə etmişlər. – Mən onların bacısıyam. Lakin mən qardaşlarım qurmaq istədiyi təşkilatın həqiqi simasını indiyə qədər təyin edə bilməmişəm. Bu təşkilatın ətrafına toplanan üzvlərin də simaları bəlli deyildir. Bu təşkilatın hazırda apardığı iş, hökumət və burjuaziya ilə yaratdıqları əlaqə menşevizmdən artıq zubatovçuluğa maildir. Qardaşlarım İlya və Lev həmişə öz çıxışlarında: «Bakı fəhlə hərəkatını Qərbi Avropa fəhlələrinin geniş hərəkatı şəklinə salacaqlar» deyirlər. Onların bu sözləri həyata keçə biləcək bir düşüncə deyildir. Daha doğrusu və qısası, fəhlə hərəkatına qarşı, inqilaba qarşı böyük bir xəyanət və cinayətdir. Buna baxmayaraq, menşevik paltarına girmiş şendrikovçuluq cərəyanı Bakı fəhlələrinin mühüm bir hissəsini öz təsiri altına ala bilmişdir. Sinfi idrakı inkişaf etməyən fəhlələr Şendrikov təşkilatına meyl göstərirlər. Menşeviklərin təşviqatı nəticəsində fəhlələrin bəziləri hələlik iqtisadi şəraitin yüngülləşməsi yolunu ən doğru bir yol hesab edir ki, bu da onları sürükləyib menşevizm çirkabı içərisinə tökür. Fəhlələrin bəziləri menşevikləri, menşevizmin təklif etdiyi qansız, sürkünsüz, dustaqxanasız olan mübarizə yolunu sevir, menşevizmin simasızlığını görə bilmir. Əsgər Susannanın bu sözünü təsdiq etdi: – Doğrudur! Menşevik təşkilatını və onun quruluşca mahiyyətini nəzərdən keçirmiş olarsaq, görərik ki, onlarda təşkilat kütlə üçün deyil, əksinə olaraq kütlə təşkilat üçündür. Buna görə də kütlənin siyasi səviyyəsi və sinfi tərbiyəsi kamil olduqca, o, menşeviklər sırasından çəkiləcəkdir. Hələ indinin özündə də menşevizm öz-özünü ifşa etməkdədir. Susanna: – Doğru deyirsiniz, — dedi, — təşkilat kütlə üçündür. Təşkilatçılar kütlə içərisindən çıxmış rəhbərlərdirlər. Madam ki, rəhbərlik yaramır, kütlənin tələblərinə cavab verə bilmir, kütləni həqiqi yolundan azdırır, bəzən də kütlədən öz şəxsi iradəsi üçün istifadə edir, o zaman kütlə o rəhbərliyi dəyişər, öz üzərindən ata bilər. Burası yəqindir ki, menşevik təşkilatının rəhbərləri də kütlə içərisindən çıxmış rəhbərlər deyillər. Menşevik təşkilatının ətrafında toplanan avam və düşüncəsiz fəhlələr hələ indiyə qədər təşkilat rəhbərlərinin işlərini nəzarət etməyin mümkün olduğunu anlamamışlar. Menşeviklər həyata keçirmək istədikləri hər hansı bir iş, kütlənin mənafeyi üçün, onun rəyi və iradəsi ilə deyil, təşkilat rəhbərlərinin xüsusi iradəsi ilə keçirilir. Belə olduqda təşkilat kütlə təşkilatı şəklini itirərək rəhbərlikedici müəyyən bir qruppanın diktatura aparatı xasiyyətini alır. Bir sözlə, menşevik təşkilatı proletariatın ehtiyac və tələblərinə uyğun bir təşkilat olmayıb, kütləni rəhbərlərin şəxsi iradəsinə uyğunlaşdıran bir təşkilatdır. Susannanın menşevizm haqqındakı fikirləri Vasyanı, eləcə də Əsgəri düşündürməyə bilməzdi. Əsgər və Vasya Susannanın qardaşı Lev və İlyanın çox bacarıqlı natiq olduğunu bilirdilər. Lakin Vasya Susanna ilə tanış olan gündən bəri onda gözəl natiqlik bacarığı olduğunu görməmişdi. Bunun üçün Vasya Susannadan soruşdu: – Nə üçün indiyə qədər menşeviklər haqqındakı fikirlərini mənə açıqca deməyirdin? – Mən bu fikirləri sənə əvvəlcə deyə bilməzdim, sənin bolşevik olduğun mənə aydın deyildi. Lakin mən sənin namuslu bir oğlan olduğunu birinci gündən yəqin eləmişdim. Məni bu evə bağlayan da həmin bu hisslərim oldu. Bu təbiidir. İnsanı bir-birinə bağlayan amil təmiz və səmimi bir hissin məhsuludur. Həmin o hisslərimin doğru çıxdığı nəticəsindədir ki, mən özgələrə deyə bilmədiyim şeyləri sizin yanınızda deyə bilərəm. Susanna sözlərini bitirdi, ayağa qalxıb önlüyünü çıxartdı, mıxdan asdığı paltosunu geydi, Vasyanın paltosunun cibindən pul götürdü və zənbili alıb bazara getdi. Vasya Əsgərə dedi: – Yoldaş, indi sən bu adamın səliqəsini necə görürsən? Qızın şendrikovçular, menşeviklər haqqındakı mühakiməsindən nə anladın? Sən görürsən ki, Jenya bunun bərabəri ola bilməz. Mən də, Pavluşa da bolşevikik. O, Jenya ilə tanış oldu, ona bağlandı, axırda qız gedib bir milyonçunun evinə girdi. Pavluşanın özünün də yoldan azması qorxusu vardır. Susannaya gəldikdə o, Jenyadan həm gözəldir, həm də mərifətlidir. Fikirləri də doğru fikirlərdir. Bunun yoldaşlığı da Jenyanın yoldaşlığından yaxşıdır. Lakin mən bir şeydən qorxuram, bəlkə bu qız menşevikdir... Bizi aldatmaq üçün özünü bolşevik göstərir... Hər halda mən buna bağlanmaq istəmirəm. De görüm, Əsgər, bu barədə sənin fikrin nədir? – Mənim fikrim budur: sevgi yaxın görüşlərin məhsuludur. İnsanın bir-birinə öyrəşməsi sevginin başlıca amilidir. Lakin sevgini vücuda gətirən başqa bir cəhət də vardır ki, bunu həm qadında, həm də kişidə aramalıdır. Bir qadın gözəldirsə, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. Susannada bunların hər ikisi vardır. O səni əlinə almağı, özünü sevdirməyi bacarır. Burada sənin heç bir nöqsanın yoxdur. Susanna kimi bir qızı hər bir gənc sevə bilər. Bu dediklərim məsələnin bir tərəfidir. Qarşılıqlı sevginin ikinci tərəfini kişilərdə aramalıdır. Qadın kişidə nəyi sevə bilər? Gözəlliyi, kişiliyi ifadə edən təmkini, vüqarı, tərbiyəni, mədəniyyəti və ən nəhayət qadını yaşada biləcək maddi vəziyyəti... İndi mən, sən Vasyaya yoldaşcasına bir sual verim: bu dediklərimin hansı birisi səndə vardır? Vasya cavab vermək üçün xeyli düşündü, axırda dedi: – Bunların heç birisi məndə yoxdur. – İndi ki, sən özündə səni sevdirəcək xassələrin heç birinin mövcud olmadığını bilirsən, o zaman qızın sənə yaxın gəlməsi səbəblərini arayıb öyrənməlisən. Ola bilər ki, qızı qəsdən sənin yanına göndərmişlər; sənin bolşevik olduğunu bildikləri üçün qıza tapşırıq vermişlər. Sən az bir müddətin içərisində bu qıza bağlandığın halda, Pavluşanı tənqid etməyə nə haqqın var? Onun Jenya ilə olan tanışlığının tarixi yeddi ilə qədərdir. Jenyanın milyonçu evində olduğuna baxmayaraq heç bir xəyanəti görülməmişdir. Kim bilir, bəlkə də bu qızın sənin yanına göndərilməsi işində gizlin əllər vardır?.. Vasya: – Yox! Bu ola bilməz! — dedi. — O qızın üzü də göstərir ki, o sevmək və sevilmək üçün yaranmışdır. O, xəyanət etməyi bacarmaz. O utancaq və məsum üzə xainlik yaraşmır. O, bolşevik olduğuna səni də və bir çoxlarını da inandıracaqdır. Sən haqlısan, mən qızı lazımınca öyrənməmişəm, lakin həqiqət şübhələr içərisindən süzülüb çıxar; ümid edirəm ki, qızın haqqında olan şübhələrin içərisindən çıxan həqiqəti çox tez görəcəksən. Mənim nə qədər xoşbəxt olduğumu ancaq o zaman hiss edəcəksən. Əsgər bu söhbəti qurtarmaq üçün dedi: – Bilirsən, Vasya, bizim qadın məsələləri ilə məşğul olmağa vaxtımız yoxdur. Mən sənə son sözümü deyirəm: bu qızın tanışlığı şübhəli tanışlıqdır. Mən sənin yerinə olsaydım, bu gündən onun ayağını bu evdən kəsərdim. Hələlik salamat qal! Mən getdim. Vasya ayağa qalxıb Əsgəri tutdu: – Hara gedirsən? Yazıq qız nahar bişirmək üçün ərzaq almağa getdi... – Yox, Vasya, mən otura bilmərəm. Nahara da ehtiyacım yoxdur. Qız da yazıq deyil. Yazıq sənsən, özünə yazığın gəlsin! Əsgər getmişdi, Vasya oturub düşünürdü. * * * Çarizm öz işini gördü Çar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı. Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi. Bu alaylar bir neçə gün əvvəl siyahıya alınmış evləri topa tutacaq və içindəkiləri məhv edəcəkdilər, bunun üçün də onlar bir neçə hissəyə ayrılmışdılar. Hər hissəyə bir top verilmişdi. Bu hissələr, Bakı komitəsinə yaxın olanları, işdə və sözdə inqilaba hüsni-rəğbət bəsləyənləri, inqilab və konstitusiya sözünü bircə kərə dilinə gətirənləri tutmaq və məhv etmək əmrini almışdılar. Çar polisi tərəfindən təyin edilmiş provakatorlar: «Bu evlərdən qoşuna güllə atıldı», — deyə evi topa tutdurur, xalqı tələf etdirirdilər. Altı nömrəli batareya öz ağalarından aldığı əmrləri lazımi qədər həyata keçirməyə başlamışdı. Eyni zamanda erməni-müsəlman xalqı da bir-birini qarət etməkdə idi. Mədənlərdə içməli su yox idi. Tətil etmiş fəhlələri susuzluqla işləməyə məcbur etmək siyasəti aparılmaqda idi. Neft sahiblərindən bir çoxu fəhlələrin avam təbəqəsindən istifadə edir, azərbaycanlıları və ləzgiləri aldadaraq tətili pozurdu. Uzun tətillər fəhlələri çox ağır maddi vəziyyətə salırdı, minlərcə rus zəhmətkeşi Bakını buraxıb öz vətəninə qayıdırdı. Mədən-zavod sahiblərindən bir çoxu müqavilələrin ləğv edildiyini və fəhlələrin işdən çıxarılmış olduqlarını elan edirdi, lakin elan heç bir nəticə vermirdi; fəhlələr öz haqq-hesabını almaqdan boyun qaçırırdı. Hökumət vəziyyətin daha da ağırlaşdığını hiss edib mədənləri polis mühafizəsinə tapşırmışdı. Avqust hadisələri şiddət edirdi. Hökumətin şəhərdə oynadığı qanlı oyunlar fəhlə dairələrinə də sirayət edirdi. Soyğunçuluq, adam öldürmək, qarət davam edirdi. Yüzlərlə neft buruqları və mədənlər yandırılırdı. — Ağşəhərdə neft ilə dolu olan rezervuarlar sındırılır, neft axıdılır və yandırılırdı. 8500-ə qədər rus fəhləsi öz ailəsini götürüb qorxulu Bakıdan çıxırdı. Bakı komitəsi çar hökumətinin avqust ayındakı xəyanətini ifşaedici bir intibahnamə buraxdı. Bakı qradonaçalniki Bakını işsizlərdən təmizləmək və inqilaba qoşulan dəstələrin sayını azaltmaq üçün avqust ayının dördündə aşağıdakı elanı verdi: «İşsizlər öz xahişləri ilə Bakını tərk edib öz vətənlərinə getməlidirlər. Öz rizası ilə getməyənlər inzibat təriqi ilə göndəriləcəkdir». Yanğın baş verməyən mədənlər dayandırılmışdı. Küçələr və mədənlər işsizlər dəstəsi ilə dolmuşdu. Avqust hadisələri nəticəsində sentyabrın altısına kimi doxsan beş nəfər öldürülmüş, yüz doqquz nəfər yaralanmışdı. Doxsan beş yerdə qarət baş vermiş, otuz bir yerdə də yanğın əmələ gəlmişdi. Balaxanı—Sabunçu və Ramana mədənlərində buruqların dörddə üçü yanıb məhv edilmişdi. Bibiheybətdə altı yüz buruqdan ancaq yüz iyirmisi salamat qalmışdı. Bütün mexaniki emalatxanaların maşın və karastıları dağıdılmışdı. «Qafqaz» Balaxanı cəmiyyəti və Ter-Akopov mədənləri tamamilə, Balaxanı cəmiyyəti buruqlarının üçdə biri, Nobel şirkəti buruqlarının altmış faizi, «Oleum», «Vlabişin»in mədənləri bütün-bütünə məhv edilmişdi. Rotşildin Ramana sahəsində ancaq bircə mədəni salamat qala bilmişdi. Oktyabrın iyirmi üçündə Montin yoldaş dustaqxanadan çıxıb Bakıya gəlmişdi. O, yenə də tətil edən fəhlələrin qabaq sırasında gedir və onları mübarizəyə aparırdı. Hər yerdə nümayişlər və siyasi çıxışlar baş verirdi, nümayişçi dəstələrin qabağında yenə də al bayraq dalğalanırdı. Bakı polisi yenə də Montin yoldaşı axtarırdı. Bakı general qubernatoru Amilaxvari onun tutulması üçün böyük mükafat təyin etmişdi. Bir gün Montin öz yoldaşları Pavluşa, Əsgər, Xanlar və başqaları ilə getdiyi yerdə pristav onu dayandırdı: – Dur! Sən həbs olunursan! Montin heç də özünü itirməyərək, vüqarla pristava dedi: – Məni tutsanız, sizi öldürəcəklər! Pristav bu sözdən qorxub, Montini tutmaqdan boyun qaçırtdı. * * * Bu gün aralıq bir az sakit olmuşdu. Milyonçu Hacının xanımı bir gün əvvəl Mərdəkan yaylağından şəhərə qayıtmışdı. Bir gün əvvəl general Əlixanov Məsudbəy Avarskinin xanımı Hacının xanımının görüşünə gəldiyi üçün, bu gün də xanım generalın arvadı Zərrintac xanımın görüşünə gedəcək idi. Buna görə də özünü azad hiss edən Jenya Sabunçuya getmək, ata-anası ilə görüşmək fikrinə düşmüşdü. Axşam qaranlıq düşəndə Jenya Pavluşadan bir məktub aldı, tələsik öz otağına girib elektrik lampasını yandırdı, məktubu oxumağa başladı: «Əziz yoldaş Jenya! Bu məktubu sənə qorxa-qorxa yazdım, çünki sən neçə müddətdir ki, mənim ilə köhnə yoldaşlıq əlaqəsində deyilsən. Bəlkə də təqsir məndədir. Bu barədə bəhs açmaq istəmirəm. Bəlkə də bu gün bizim aramızdakı anlaşılmazlıq həll olub gedər. Mən yavaş-yavaş sənin Vasya haqqındakı fikirlərinlə şərik olmağa başlayıram. Doğrudan da mən Vasyanın lazım olmayan məsləhətlərinə qulaq asmaqla səhv edirmişəm. Lakin bu səhvimin səbəbi də yoldaşlarıma səmimiyyət bəslədiyimdən irəli gəlirdi. İndi isə mən Vasyanın özünə də xəbər vermişəm, ona səninlə mənim dostluq və yoldaşlıq əlaqəmizə qarışmamasını tapşırmışam. Jenya, hər nə olubsa, keçib gedibdir. İndi yaxşı vaxtdır. Bir az işləmək imkanı da vardır. Gəl yenə də əlbir işləyək. Sənin işə soyuq baxmağın barəsində yoldaşlar da danışırlar. Daha indi hökumətin manifestindən sonra evdə də yaşaya bilərsən. Olmazsa, başqa otaq tapmaq da mümkündür. Yoldaşlar sənin fəaliyyətini heç də unutmamışlar. Xanlar, Montin və başqa yoldaşlar həmişə yeri gələndə səni soruşurlar. Xüsusilə Montin yoldaş dustaqxanadan qayıdıb Bakıya gələn kimi səni soruşdu və sənə salam yetirməyimi tapşırdı. Bunların hamısı öz yerində. Məktubu göndərməyimin mühüm bir səbəbi vardır. Bu gün axşam saat doqquzun yarısında mümkün olursa paltarını dəyişib, Bakı vağzalına gələrsən. Bu gün Koba və Montin yoldaşlar Tammerforsda çağırılmış Rusiya bolşeviklərinin birinci konfransına gedəcəkdir. Montin və Koba yoldaşı görmək istəyirsənsə vağzala gəl. Jenya, acığı, küsməyi bir tərəfə qoyub, bu gecə vağzala gəl! Mən müqəssirəm, bir saatlığa məni bağışla... Yoldaşları yola salandan sonra Əsgər və sair yoldaşlarla birlikdə Ayrapetin evinə gedəcəyik. Varvara bacı bizi kəlləpaça yeməyə qonaq çağırıbdır. Pavel». Jenya məktubu oxuduqda Pavluşa ilə keçirdiyi günləri bir daha xatırladı. Ürəyindəki yoldaşlıq məhəbbəti qaynadı, Jenyanı hərəkətə gətirdi. O, indi vağzala uçmaq üçün qanad axtarırdı. O, Pavluşa və konfransa gedən yoldaşlarla görüşərkən, üç bayramı birdən keçirəcəkdi. Məktubu, başqalarının əlinə düşməsin deyə gizlətdi. Paltarını dəyişib tələsik küçəyə çıxdı. Əvvəlcə faytonla getmək istədi; bu polisin nəzərini cəlb edər deyə piyada getmək qərarına gəldi. O, Gorçakovski küçədən keçib Tatarski küçə ilə getmək istəyirdi, bu küçələrdə jandarm və polis nəfərlərinə çox az-az rast gəlmək olardı. Küçələrdə heç kəs yox idi. Jenyadan bir az qabaqda əlində kiçik çamadan olan bir adam gedirdi. Küçə çox qaranlıq idi, xüsusilə Tatarski və Aziyatski küçələrin tini olduqca qaranlıq idi. Jenya qorxmurdu, çünki ondan qabaqda gedən adam çox da uzaqda deyildi. Jenya Aziyatski və Tatarski küçələrin tininə yetişərkən, bir tapança səsi eşitdi. Diksindi, lakin yoluna davam etmək istədi. Bakıda hər dəqiqə tapança səsi eşitmək mümkündü... Qabağında gedən adamı görmədi, onun sürətlə getdiyini, bunun üçün də gözdən itdiyini zənn edib tez-tez yeriməyə başladı. Çox çəkmədi küçənin ortasına yıxılmış bir adama rast gəldi, yaxınlaşdı, diqqətlə baxdı, tanıdı. Diz çökdü, onun başını dizi üstə aldı. Gözlərindən düşən yaş onun alnındakı güllə yarasına toxunarkən, o, gözlərini açdı, yenə də yumdu. Jenya öz-özünə: – Çarizm öz işini gördü, Montin yoldaşı bizdən aldı! — deyərək bütün varlığı ilə titrədi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-gizli-baki İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.