Hekayələr Məmməd Səid Ordubadi (1872–1950) 600 ayı balası Nikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi. Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır». Dəftərxana müdiri bu kağızı tələsik gətirib verir maliyyə müdirinə. Maliyyə müdiri çox təəccüb edir ki, əcəba bu ayı balaları nədən ötrüdür? Axırda iş ora yetişir ki, maliyyə müdiri böyük bir daklad yazıb haman kağız ilə bərabər maarif nazirinin hüzuruna gedir. Doğrudan da maarif naziri bu məsələdən artıq heyrətlənir. Çoxu da bundan heyrətlənir ki, bu qədər ayı balasını haradan tapıblar? Ona görə də maarif naziri kağızı qoyur cibinə, maliyyə müdirini yola salır. Həmin günün axşamı maarif naziri Dövləti Şuranın iclasına gedir. Gündəlik məsələlərdən sonra nazir qoynundan kağızı çıxarıb nazirlərə göstərir. Hamı təəccüblənir. Bir çoxları deyir ki, Gəncə quberniyası çox da ayı olan yer deyildir. Doğrudur, meşəlik çoxdur, amma yenə də 600 ayı balasını bir yerə yığmaq mümkün deyildir. Bir çoxları deyir ki, əlbəttə olmaz, amma saxlayıb balalatmaq mümkündür. Amma bə’ziləri də buna e’tiraz edib deyir ki, ayı balası nəyə lazım olan şeydir ki, onu daha da balalatsınlar? Nazirlərdən ticarət və nafiyə naziri deyir ki, onları yunlarından ötrü böyüdürlər. Yunlarından da şal toxuyurlar, yorğan-döşəyə işlədirlər. Bə’ziləri deyir ki, onları iş heyvanı yerinə çalışdırırlar. Amma maarif naziri deyir: onları məhz ondan ötrü saxlayırlar ki, məktəblərdə heyvanat dərsləri keçdikləri vaxt mütəəllimlərə göstərsinlər. Əlbəttə, nazirin sözünün üstünə söz ola bilməzdi. Çünki keçən vaxtlarda kimnaziyalarda elmi-heyvanata böyük diqqət verilərdi. Fəqət bunu da deməlidir ki, ayı balalarının haradan alınması üçün mübahisə kəsilməmişdi. Ona görə də Gəncə kimnaziyası müdirinə telegram vurub, ayı balalarının haradan alınması üçün mə’lumat istənilmişdi. Kimnaziya müdiri maarif nazirinin telegrafını alan kimi bütün müəllimləri toplayıb iclas edir. Çox da qorxuya düşürlər ki, bu telegrafı nədən ötrü vurublar və bunlar ayı balalarının haradan alınmasını nə üçün soruşurlar? İclas belə qərara gəlir ki, ayı balalarının alınan yerini telegram ilə bildirsin və ayı balası satan Kəblə Hüseynəlidən də aldığı pula qəbz alıb Peterburqa göndərsinlər. Elə də etdilər. Çünki onlar bilirdilər ki, çar hökumətinin qulluqçuları israf olmağa-zada yol verən adamlar deyillər. Ona görə də Peterburqa Maarif nəzarətinə bu məzmunda bir telegram çəkirlər: Peterburq Maarif nəzarəti Ayı balaları Cəbirdə Kəblə Hüseynəli Həzrətqulu oğlundan alınmışdır. Pul qəbzi poçta ilə göndərilir. Gəncə qəza kimnaziyası müdiri Maarif nəzarəti telegramı alan kimi çox təəccüb edir. Bir nəfər adamın 600 ayı balası satmağı təəccüblü işdir. Maarif nəzarəti bir necə gündən sonra daha da heyrətə düşür. Çünki Kəblə Hüseynəlidən alınan qəbz də gəlib çıxmışdı. Qəbzdə yazılmışdı ki, «Mən, Kəblə Hüseynəli Kəblə Həzrətqulu oğlu 600 ayı balasını Gəncə kimnaziyasına satıb, birisi bir abbasıdan pulunu aldım». Maarif naziri birinci dəfə idi ki, ayı balasının birisini bir abbasıya eşidirdi. Ona görə də ikinci dəfə yazıb Gəncə kimnaziyası müdirindən soruşdu ki, hərkah lazım olsa Gəncədə nə qədər ayı balası almaq mümkündür? Bir necə gündən sonra kimnaziya müdirinin müfəssəl bir məktubunu aldı. Müdir yazırdı ki, «Cənab nazir, bu günlərdə payız yağışları başlanmışdır. Ona görə də ayı balası hazırlamaq işləri dayandırılmışdır. Hərkah çox lazım isə yenə də tək-tək adamlardan 20—30 minə qədər ayı balası toplamaq mümkündür. Əmriniz olursa biz burada hazır edərik. Amma xırda-xırda almaq əlverişli deyildir, çünki bir adama zakaz versək ayı balalarının hamısı bir ölçüdə, bir boyda və bir ağırlıqda olar. Ancaq xırda-xırda alanda ayı balaları bir boyda olmayacaqdır». Maarif naziri məktubu böyük daklad ilə bərabər Dövləti Şuraya göndərib Gəncədəki ayı balası istehsalını nəzərdən keçirmək üçün göndəriləcək elmi heyʼətin məsarifinə 20 min manat buraxılmasını təklif edir. Maarif nazirinin layihəsi Dövləti Şurada muzakirə olunduqdan sonra elmi heyʼətin məsarifinə 150 min manat para buraxılır. Baharın əvvəlinci ayları idi. Gəncə kimnaziyasının müdiri Maarif nazirliyindən aşağıdakı məzmunda bir telegram almışdı: «Cənab müdir, Gəncədə ayı balası istehsalını müayinə etmək üçün göndərilən elmi heyʼət martın 22-də Peterburqdan hərəkət elədi. Onlardan ötrü mənzil hazır edəsəniz. Onların elmi tətəbbuatda bulunmalarına yardım göstəriniz. Hər çins ayı balasının nəzərdən keçrilməsi üçün elmi heyʼətə nə lazım olursa muzajigə edilməsin. Maarif nəzarəti dəftərxanası.» Mart ayının 27-də axşam saat 8-də Bakıdan Gəncəyə sərnişin qatarı gələcək idi. Elmi heyʼət də həmin qatarda gələcəyini telegraf ilə bildirmişdi. Kimnaziya müdiri rəsmi paltarlarını geyib sinif müəllimləri ilə bərabər, hətta türkcə elmi-ilahi dərsi deyən ayrım mollası da vağzalda intizar çəkirdi. Bütün müəllimlər dəxi cərgə ilə durub, elmi heyʼəti gözləyirdi. Qatar stasyona yetişdi. Kimnaziya müdiri elmi heyʼəti qəbul etdi. Elmi heyʼət altı nəfərdən ibarət idi. Elmi heyʼət üzvlərinin hamısı ayı balalarını görməyə maraqlanırdı. Hətta mənzilə düşəndən sonra da müdirə deyirdilər ki, ayı balalarını nə vaxt görmək olacaqdır? Müdir isə deyirdi ki, hərkah vağzaldan şəhərə gələndə Cəbir tərəflərini mülahizə buyursa idiniz yollarda 20 minlər ilə ayı balası görər idiniz. Sabah səhər açılan kimi elmi heyʼət üzvləri yuyunub çay içəndən sonra ayı balalarını görməyə maraqlanırdılar. Müdirdən soruşurdular: ayı balaları olan yerlər çox uzaq deyil ki? Müdir onlara deyirdi ki, yox yaxındadır. İstəsəniz bir çox yerlərə də gedib ayı balalarını nəzərdən keçirə bilərik. Odur ki, üzvlər hazırlanırdı. Bir neçəsi də ayı balalarının cinsini öyrənmək üçün özü ilə bərabər elmi-heyvanat kitabçalarını gətirmişdi. Bə’zisi də ayı balalarının ağzını və damağını müayinə etmək üçün çamadanında alətlər götürmüşdü. Bunlar əllərinə heyvanların dişi batmamaq üçün qalın əlçəklər taxdılar. Müxtəsər, hazırlıq bitdikdən sonra kimnaziya müdiri qabaqda, dalısınca elmi heyʼət üzvləri, onların dalınca sinif müəllimləri üst mərtəbədən həyətə düşüb aşağı tərəfə gedirdilər. Müdir xırdaca odun anbarının yanında durub barmağı ilə anbarı göstərib elmi heyʼətə dedi: – Buyurun, ayı balaları burdadır. Yarısı məsrəf olubdur, yarısı qalıb. Elmi heyʼət üzvləri bir-birinə baxıb təəccübləndi. Onların fikrincə 300 ayı balasını bir balaca odun anbarında yerləşdirmək, doğrudan da, allahın dilsiz-ağızsız heyvanlarına böyük zülm hesab olunurdu. Elmi heyʼət üzvləri müdirdən xahiş etdilər ki, əvvəlcə özü içəri girsin, çünki onlar girməyə qorxurdular. Odur ki, müdir qapını açıb içəri girdi, dalınca da elmi heyʼət üzvləri daxil oldu, amma heç bir şey görmədi. Ancaq anbarın bir bucağında 300-ə qədər çiy kərpic var idi. Elmi heyʼət üzvləri müdirdən soruşdular: – Bəs hanı ayı balaları? Müdir kərpicləri göstərib dedi ki, budur, bəs bu ayı balaları deyil, nədir? Elmi heyʼət üzvləri təəccüblə bir-birinin üzünə baxıb başlarını buladılar. Sonra müdirə dedilər ki, axır bu çiy kərpicə siz nə üçün ayı balası adı qoyursunuz? Müdir gülümsünüb dedi ki, burada heç təəccüb etməyiniz, çünki Qafqazda hər şəhərin bir dili vardır. Kim bilir, bəlkə bunun başqa şəhərdə başqa adı vardır. * * * Qırx dənə baqqal Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu. Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi. Deməli, naçalnikə işi düşənlər qabaqca dilmancı razı edərdi, sonra naçalnikə verilmiş rüşvəğin bir hissəsi də yenə dilmanca yetişərdi. Amma bu da deyilməlidir ki, hər bir adam da dilmanc ola bilməzdi. Dilmanc olan adam gərək məmləkətdə yaşayan adamların halını, güzəranını da biləydi, tainki, damara baxıb qan aleydı. Fəqət bu cürləri çox nüdrətən düşürdü. Dilmanc məmləkətdəki bütün qulluqçuların vəzifəsini ifa etməli idi. Baqqalların tərazilərinin çirkinə baxıb bəratul-qol yazmaq, hamamlara girib su hovuzlarına baş çəkmək, çörəkçilərin xəmir təknəsinə baxmaq, gecələr öz vaxtından artıq açıq olan meyxana və çayçı dükanlarına girmək, qumarxana və tiryəkxanalara getmək, gizlin fahişəxanalara soxulmaq, qəssabların kəsdiyi ətin erkək-dişiliyinə baxmaq kimi işlər hamısı dilmancın vəzifəsi idi. Və bu saydığımız yerlərdən toplanan mədaxildən naçalnikə ancaq tula payı çatardı, çox hissəsi isə, təbii, dilmancın cibinə girərdi. İndi görürsünüz ki, bu qədər ağır vəzifənin öhdəsindən də bir çox dilmanclar gələ bilməzdi. Amma, yadıma gəlir ki... Naxçıvan uyezdni-naçalniki Zenčenko haradansa özü üçün bir belə dilmanc tapmışdı. Keçən gündür, deyəsən bu dilmancın da adı Hüseyn ağa idi. Savadı da allah verkisi kimi zad idi. Demək şəhər ibtidai məktəbinin iki sinfindən imtahansız qurtarmışdı. Buna baxmayaraq rus dilini çox yaxşı danışırdı. Heç yadımdan çıxmaz. 11-ci ildə payız vaxtı əlimdə çanaq, baqqal Tarıverdinin bazar hamamı ağzındakı dükanından qatıq almağa getmişdim. Tarıverdi qatığı çəkmişdi, elə mən pulu verməyə çıxarırdım, bir də gördüm ki; dilmanc Hüseyn ağa əlində qamçı, qabağında otuz doqquz nəfər baqqal yetişdi. Yetişən kimi hayqırdı: – Adə, Tarıverdi, düş qabağıma gedək naçalnikin evinə! Yazıq Tarıverdi bunu eşidəndə dizləri titrədi, rəngi qaçdı, qorxa-qorxa dedi: – Mirzə, başına dönüm, de görüm axır, mənim axır təqsirim nədir, mən ağaya nə ədəbsizlik eləmişəm? Hüseyn ağa acıqlı: – Mən heç zad bilmirəm, ancaq naçalnik məndən tələsik bir saata kimi qırx baqqal istəyibdir. Yazıq Tarıverdi bu sözü eşidən kimi dükanını bağlayıb açarını verdi mənə, dedi: – Ay əzizim, məni halal elə, pis-yaxşı çörək yemişik, can sənin can mənim oğlum Əbişin əmanəti. Ondan mütəvəccəh ol. Yazıq uşaq gözünü açıb özünü atasız görəcəkdir. Əzizim, əlbəttə, mənim Sarvanlardakı ev hissəmi satıb qızım Dilaranı da köçürərsən. Səndən xahiş edirəm məni rəhmətlik atamın ruhunun yanında xəcalət qoyma, əlbəttə, evdən bir qədər paltar-palazdan satıb onun sümüklərini ağa qulluğuna göndərərsən. Hərkah, ayıb olmasın, bizim ev adamı Kəblə Nəsirin qızı istərsə məni iki il gözləsin, hərkah iki ilə kimi məndən bir xəbər çıxmasa, səni vəkil edirəm ki, allahın əmri və peyğəmbərin şəriəti ilə onu boşayasan. Yazıqdır, daha iki ildən artıq məndən ötrü göz dustağı qalmasın. Mənim heç kəsə borcum yoxdur. Şeyxin yanında öz ölülüyüm üçün yüz manat pul əmanət qoymuşam. Şeyxə salam yetirib deyərsən ki, həmin pula mənim üçün oruc, namaz alsın. Tarıverdi mənimlə halallaşıb yola düşdü. Qırx nəfər baqqal Hüseyn ağanın qaradavoylarının qabağında naçalnikin evinə doğru yollandılar... Tamam şəhər bir-birinə dəymişdi. Doğrudan da bükülməmiş bir iş idi. Naxçıvan kimi şəhərdə qırx nəfər baqqalı birdən yığıb naçalnikin evinə doldurmaq o vaxt böyük hadisə idi. Xalq tökülmüşdü bunların dalınca. Hərə bir söz deyirdi. Birisi deyirdi ki, bunların hamısı qəlp pul xərcləyiblər. Bə’ziləri deyirdi ki, guya bunlar qubernatora yazıb ki, naçalnik İrandan kandrabanda və qaçaq mal gətirənlərlə əlbirdir. Bə’ziləri deyirdi ki, Naxçıvanlı pambıq taciri bunları şeytanlayıbdır. Bir çoxları da deyirdi ki, bu baqqalların hamısı gecələr yığılıb qumar oynayırlar. Amma çox adam da deyirdi ki, bunların peşələri oğurluq mal alıb-satmaq imiş, hətta saldatlardan da hökumətin malın alıb-satırmışlar. Bə’zi adamlar da pıç-pıç danışıb deyirdi ki, ay axmaq oğlanları, sizə kim deyirdi ki, dilmanc keçəndə ayağına durmayasınız, sizə kim deyirdi ki, bayramda düyü, yumurta, yağ, quzu göndərməyəsiniz?! Amma bununla bərabər heç kəs bilmirdi ki, bu baqqalları hara aparırlar. Doğrusu mənim Tarıverdiyə çox yazığım gəlirdi. Ona görə də ondan ayrılmayıb qıraq ilə gedirdim. Yazıq baqqallar dilmanca yalvarırdılar. Hətta bə’ziləri başını dilmancın qulağına tərəf uzadıb yavaşdan bir söz deyirdi. Dilmanc da onların cavabında bə’zi sözlər deyirdi. Yaxşı qulaq verib gördüm deyir: – Haramzadə oğlanları, sizə kim deyir ki, İran bileti alıb quru yoldan Xorasana gedəsiniz? Siz elə bilirsiniz ki, hökumət yatıbdır? Bütün haramzada və nəməkbəharamsınız! Sizə kim deyir kilsənin zənginə güləsiniz? Peşəniz naçalnikin itinə gülməkdir. Mən bilirəm, gözünüzün içinə kimi haramzadasınız! Keçən həftə şeyx minbərdə imperatorun özünə, arvadına, qızlarına, oğluna dua edəndə bir nəfər də baqqal amin deməyibdir. Xain köpək uşağı! Hələ biz bir-bir bilirik ki, kimin uşağı fəs qoyur və kimin evində osmanlı padşahının şəkli vardır. Sizə kim deyirdi İrana yazıb İran rəiyyəti olmaq istəyəsiniz? Bu sözləri eşidəndə baqqalların gözlərindən yaş tökülüb, qılçaları titrəyirdi. Mən baqqallarla bərabər daxil oldum naçalnikin həyətinə. Gördüm ki, içəridə bir qiyamət vardır. Bir tərəfdə rus aşpazı ruslara, o biri tərəfdə müsəlman aşpazı molla qonaqlardan ötrü xörək bişirirdi. Naçalnikin həyəti qulluqçular ilə dolu idi. Bunların çoxu naçalnikin qonaqlığı üçün yaxın kəndlərdən toyuq-cücə, yağ, yumurta, quzu, qatıq, qaymaq, meyvə, qovun, qarpız gətirən kəndlilər idi. Baqqallar da daxil olub həyətin bir bucağında durmuşdu. Bu vaxt gördüm ki, naçalnik balkona çıxdı. Dilmanc Hüseyn ağa bunu görən kimi əlində qamçı irəli gedib ərz elədi: – Cənab naçalnik, əmrinizi yerinə yetirmişəm. Naçalnik səsləndi ki: – Tez ol, ver mətbəxə yuyub təmizləsinlər! O saatda qaradovoylar baqqalları mətbəxə tərəf qoyun sürüsü kimi sürdülər. Hüseyn ağa aşpazları çağırıb dedi ki, naçalnik ağanın əmrinə görə gərək bu saatda bunlar çimdirilsin. Baqqallar bu sözü eşidəndə lap məəttəl qalmışdılar. Bilmirdilər nə etsinlər. Onları niyə çimdirirlər? Amma bu işdən çoxları şəkkə düşmüşdü. Deyirdilər ki, naçalnik şeyxi də bura çağırıbdır. Baqqalları da çimdirib qüsl etdirdikdən sonra qur’ana and içdirəcəkdir. Yenə də bilən yox idi. Müxtəsər, baqqalları bir-bir soyundurub içəri saldılar. Naçalnik ara-bir çıxıb deyirdi: – Tez olun! Kəblə Qulu baqqalı soyunduranda deyirdi: – Getdiyim Kərbəla haqqı əlim ölüyə sürtüşmüşdü, iki saat bundan qabaq qüsl eləmişəm. Həsənəli deyirdi: – Həzrət Abbas haqqı bir saat yoxdur ki, dəstəmaz almışam. Əlibala deyirdi: – And olsun allaha ki, bir həftə olmaz ki, mən cümə qüslü etməmiş olmayım. Amma bu göftkularla bərabər baqqallardan iyirmiyə qədər çimdirmişlərdi. Bir də naçalnik balkona çıxıb dedi: – Çto za bezobrazie! Gosti ustali ojidat, davayte syuda! Hüseyn ağa irəli gedib dedi: – Ağa, iyirmisi hazırdır. Naçalnik dedi ki, daha artıq təmizləmək lazım deyildir, tez verin gəlsin. Naçalnik bu sözü deyib içəri girdi. Hüseyn ağa qabağda, starşi qaradovoylar dalca baqqalları əyinlərində tuman-köynək pilləkənlərdən çıxarıb qonaqlıq salonuna doldurdular. Bir də gördüm ki, əvvəlcə bir gülüşmə qalxdı, sonra naçalnikin səsi ucaldı. Yaxşı qulaq asdım, gördüm deyir: – Osyol, bolvan! Mən sənə bokal (qədəh) demişəm, sən gedib baqqalları yığıb gətirmisən. Bir az keçmədi, bir də gördüm ki, Hüseyn ağa əlində zənbil qapıdan çıxıb bazara doğru qaçır. Baqqalları da qaradovoylar qamçı ilə döyüb bayıra çıxarırlar. * * * Ramazan I Ramazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə. Hər nə isə, keçmişdə Ramazan ayı müsəlmanlar arasında çox müqəddəs sayılırdı. Bunun üçün də ramazan ayına bir ay qalmış hər kəs öz tədarükünü görürdü. Hətta bizim qonşumuz Hüseyn kişi bir kasıb bağban olduğu halda orucluq tədarükünü hamıdan əvvəl görürdü. Amma bir il Hüseyn kişi ramazan ayı üçün hazırladığı şeyləri yeyə bilmədi. Ramazan ayına bir ay qalmış Hüseyn kişi əlində olan paralarını götürüb şey almaq üçün bazara getdi. Yağından yağ, düyüsündən düyü, qənd, çay, lampa yağı, kömür alıb evə gətirdi. Hüseyn kişi arvadına tapşırdı ki, hərkah uşaqlar və özün acından ölsən də bu şeylərə əl vurmayasan, çünki bu şeyləri ramazan üçün əmanət saxlamalıdır. II Hüseyn kişinin qonşuluğundakı Nüyədi kəndində Ağalar adlı bir kişi var idi. Adına «oğru Ağalar» deyərdilər. Bir gün Ağalar evdə oturmuşdu. Arvadı ona çox dərd edib yoxsulluqlarından şikayət edərək deyirdi: – Budur, ramazan ayı yaxınlaşdı. Evdə heç bir tədarük yoxdur. Ağalar arvada təsəlli verib deyirdi ki: – Arvad, heç qüssə eləmə, bu ay xeyir və bərəkət ayıdır. Bu ayın ruzusunu allah bir ay əvvəl yetirər. Mənim buna e’tiqadım vardır. Bu işi neçə dəfə təcrübədən çıxarmışam. Heç fikir etməyə gəlməz. Bu ay allah-təalanın ayıdır, borcudur ki, ruzusunu da yetirsin. Hava qaranlıqlaşmağa başladı. Ağalar yavaşca dolaqlarını, çarıqlarını hazırlayıb, xəncərini çuxasının altına bağlayıb qonşu kəndə üz çevirdi. Qəzadan yolu Hüseyn kişinin qapısından düşdü. Oğru Ağalar Hüseyn kişinin hazırlıqlı və tədarüklü adam olduğunu bilirdi. Ona görə də pəncərənin dalısında durub Hüseyn kişinin yatmağını gözləməyə başladı. Hüseyn kişi isə çörək yeyə-yeyə yenə arvadına tapşırırdı ki, məbada o gətirdiyim şeylərə əl vurasan, çünki ramazanın əmanətidir. Oğru Ağalar məsələni çox gözəl anlamışdı. O əvvəlcə şeyləri oğurlamaq fikrinə düşmüşdüsə də sonra bu fikrindən daşınaraq hiylə yolu aradı. Onun üçün də gündüz Hüseyn kişi evdə olmadığı vaxt onun arvadı Küləndamdan haman Hüseyn kişi bazardan alıb gətirdiyi şeyləri Ağalar alıb getmişdi. Əlbəttə, burada Hüseyn kişinin arvadı müqəssir deyildi. Çünki oğru Ağalar gəlib demişdi ki, mən Ramazan kişiyəm. Ərin məndən ötrü əmanət qoyduğu şeyləri verməlisən. Hərçənd Hüseyn kişi arvadını döydü və acıqlandı, amma burada təqsir arvadda deyil idi. Bu işlər bütün allahın işidir, çünki o borclu olubdur ki, Ağalar kişinin orucluq ruzusunu bir ay əvvəl yetirsin. * * * Boşboğazlar məhkəməsi Nəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü. Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi. Mirzə Niyaz Nəsibəyə dörd ay bundan əvvəl yazdığı məktubunu belə başlamışdı: «Gözəl Nəsibə! Məni sizə bağlayan mühüm amillərin birisi də elmi işçi olduğumdur. Buna görədir ki, mən sizi başqa kişilərdən daha tez mə’na edir və qiymətləndirə bilərəm. Mən sizin tanış olduğunuz və sizin ailə təşkil etmək istədiyiniz simalar haqqında heç bir söz deməyəcəyəm. Amerikalı mister Dirambayının dediyinə görə «təhrifə uğramamaq üçün hər kəsi öz əməlindən oxumalıdır». Mən ancaq bunu demək istəyirəm ki, mə’nalarla dolu olan qadın kəlməsini layiqincə mə’na etmək və onu təhrif etməmək üçün elmin bütün sahələrində gəzən elmi bir işçi lazımdır ki, bu da sizin və bütün Turan dünyasının tanımağa başladığı Mirzə Niyazdan ibarətdir. Nəsibə, Siz onu bilirsiniz ki, mənim idrak və hissim və dünyaya baxışım, adi insanlarda təsadüf ediləcək şeylərdən deyildir. Nəsibə, Sizin baxışlarınızda duran mə’nalı sükutun nə dediyini anlamaq üçün dünya kütubxanalarından xəbərdar olan bir şəxsiyyət lazımdır. Məşhur Hindistan alimlərindən Mirabun deyir ki, qadınları danışıqlarından deyil, sakin baxışlarından oxumalıdır. Bu doğru bir cümlədir. Fəqət bunu bacarmaq lazımdır. Buna görədir ki, qadına yaşamaq səlahiyyətini qazandırmaq və onu xoşbəxt yaşatmaq üçün özümdən də səlahiyyətli bir sima hesab etmirəm. Bütün bunları nəzərə alaraq sizin kimi gözəl bir qızı xoşbəxt etmək barəsindəki fikrimi cəsarətlə söyləyirəm. Zənimcə Sizin elmi bir işçi ilə tanışlığınız elminizin, biliyinizin sahəsini də genişləndirər və Sizi az zamanda elmi bir işçi kimi Azəri xalqına təqdim eylər. Nəsibə, Siz onu da nəzərdən qaçırmamalısınız ki, mən hazırda cahanşümul bir şəxsiyyət kimi tanınmağa çalışır və buna hazırlaşıram. Az müddətdən sonra yalnız siz və sizin kiçik vətəniniz olan Azərbaycan deyil, firqəmizin qurmağa çalışdığı böyük Turanın hər tərəfində məni oxuyub və əsərlərimi əldən ələ gəzdirəcəklər. Son zamanlarda mən Marks və Enkels əsərlərinin üzərində çalışıram. Siz bilirsiniz ki, bolşevizm və sosializm fikrinin batil bir fikir olduğunu göstərmək üçün firqəmiz mənə böyük bir vəzifə tapşırmışdır. Buna görə də dükandakı boş vaxtlarımın hamısını Marks və Enkels əsərlərinin tədqiqilə keçirməkdəyəm. Hazırda Marksdan sonra, Enkelsin Marks əsərlərini tamamlaması barəsində mühüm bir əsər yazmaqdayam. Dünən gecə firqənin qapalı iclasında oxunan bu əsərlər, doğrudan da mənə elmi bir işçi adlanmaq şərəfini qazandırdı. Nəsibə,– əlbəttə ki, Siz elmi bir işçinin yoldaşlığını qəbul etmiş olursanız darülfünunlarda keçilməyən elmləri keçəcək, əski və yeni alimlərin dilindən eşidə bilməyəcəyinizi eşidəcəksiniz. Siz bu yoldaşlıq nəticəsində olaraq adi bir müəllimə deyil, elmi bir işçi kimi meydana çıxacaqsınız. Mən çox arzu edərdim ki, Kopenhaken alimlərindən Lankenin əsərlərinə yazdığım tənqidi sizinlə bərabər oxuyaydım. Bu günlərdə həmin tənqidi Almaniyada Drezden professorlarından Fridrix Vermidsanın əsərlərinə dair göstərişlərlə bərabər London elmi akademiyasına göndərəcəyəm. Bu barədəki müvəffəqiyyətlərimlə də sizi təbrik edə bilərəm. Yaponiya alimlərindən professor İtama yazır ki, insanlar yaşla deyil, əsərlərilə böyük hesab edilirlər. Nəsibə, mən də bu kimi şəxsiyyətlərdənəm. Sizin mənimlə olan yoldaşlığınız sizin gənc həyatınızı işıqlandıracaqdır. Fransalı müsyö Julver yazır ki, bahar günəşi yarpaqsız ağaclara nə qədər mənfəət verirsə, ziyalı adamların müsahibəti də insana o qədər mənfəət vermiş olur. Mənim sizinlə qurmaq istədiyim ailə məsələsini tez bitirməyə çalışdığım Leydində açılacaq dünya elmi konqresinə çağırıldığımdır. Orada professor Holverdanın əsərləri haqqında tədqiqi mə’ruzəm qoyulmuşdur. Bundan da əlavə professor Qustmanın son iki əsərinə aid yazdığım əlavələri orada dünya alimlərinə oxuyacağam. Hələ mümkün olursa hazırda əlimdə yazdığım doktor Eduard Lemananın əsərlərinə həsr etdiyim tənqidi qeydlərimi də dünya elmi konqresinə aparıb onun dinlərin doğuluşuna aid yürütdüyü fikirləri rədd edəcəyəm. Nəsibə, mən bu konqres vasitəsilə bütün dünyaya tanındığım zaman siz də məşhur bir alim, hətta bacarıqlı bir firqə rəhbərinin yoldaşı olmaq münasibətilə bütün dünyada tanınmış olacaqsınız. Bütün bunları nəzərə alaraq məktubuma tez cavab verməyinizi rica edərdim. Bakı, 28 yanvar 1919. Mirzə Niyaz.» Nəsibə Mirzə Niyazın birinci məktubunu xatırladığdan sonra, onun masa üzərinə buraxdığı son məktubu açıb oxumağa başladı: «Əzizim Nəsibə! Məşhur professorlardan T. Axelisa özünün, «İzdivacın mədəni tarixi haqqındakı» əsərini oxuyarkən mən belə bir qənaət hasil etdim ki, bizim izdivacımızın tarixi hələlik mədəni şəkilə girməmişdir. Professor F. Tsan dəxi öz əsərində Axelisanın yuxarıda göstərdiyi fikri təsdiq etdi. Mən, bizim izdivacımızın hüquqi əsasını nəzərdə tutaraq professor Koleranın «İzdivacın hüquqi əsası» adlı əsərini bir daha nəzərdən keçirərək bizim izdivacımızın hüquqi əsaslar cəhətincə doğru qurulmadığını gördüm. Hələ dosent Yu.Veyssnin «Xəstəlik və izdivac» sərlövhəli əsərini oxuyarkən insan izdivacın mənfi tərəflərini görmüş olur. Əlbəttə, mən bunları sənə yazmaqda özümü professor R. Kossmanın «İzdivac xaricində əlaqə» sərlövhəli əsərinə tərəfdar göstərmək istəmirəm. Lakin bunu da bilməlisiniz ki, mən özümü professor Kossmana tərəfdar göstərmədikdə bunu mənim fahişəlik əsərini yazan professor Yanavskiyə tərəfdar olduğum kimi mə’na etməməlidir. Bütün bunları nəzərə alaraq biz ailə münasibatını arqadaşlıq münasibatına döndərmək və onu yaxın bir tanışlıq əlaqəsi sayəsində olaraq davam etdirməyə çalışmalıyız. Əzizim Nəsibə! Sən bilirsən ki, mən aramızdakı elmi səviyyəsizliyi ləğv etmək üçün əlimdən gələn qədər çalışdım, çox əsərlər oxudumsa da müvəffəqiyyət əldə edə bilmədim. Nəhayət, məşhur alimlərdən professor Qrosseranın «İnsan bədənin quruluşu» adlı mühüm bir əsərini oxuyarkən belə bir qənaətə gəldim ki, kişilərlə qadınlar arasındakı elmi səviyyəsizliyin başlıca səbəblərindən biri də onların organizm cəhətcə fərqli olmasıdır. Fürsət olursa mən sənə professor Şteynberqin «Kişinin ruhu və həyatı» adlı əsərini göndərəcəyəm, sən onu oxuduqda Şərq kişilərinin ruh və zevqini oxşaya biləcək, onun ruhuna girərək, onun üçün mə’nəvi həyat düzəldən bir qadın olmadığını, özün də təsdiq eyləyəcəksən. Haman əsərdə, qadınla kişi arasında elmi səviyyəsizliyin ləğv ediləcək bir şey olmadığına ayid bir çox qeydlərə təsadüf eyləyəcəksən. Əlbəttə, mən bu barədə özümü də tənqid edirəm. Mən son zamanlar professor Lullerin «Kişi, ər olmaq həyatında»kı əsərini oxuyarkən görürəm ki, doğrudan da mən ərlik həyatını tamamilə yanlış bir əsas üzərində qurmaq istəyirmişəm. Haman professorun «Kişi atalıq rolunda»kı əsəri məni daha da təşvişə saldı. Çünkü mən özümdə professorun tə’limatı üzrə davam etdirlə biləcək atalıq vəzifəsi üçün yararlıq görmürəm. Buna görə də sən Nəsibə əmr-vaqe qarşısında qalmamaq üçün hələ dünyaya gəlməmiş övladımızın dayandırılması, daha açığı dünyaya gətirilməməsi barəsində düşünməlisən. Mən iki gündən bəridir ki, dul qadın və dul kişilərin həyatı ilə maraqlanıram. Bu barədə gözəl bir əsər də tapmışam ki, o da professor Veyss-nin «Kişi dulluq vəziyyətdə» sərlövhəli əsəridir. Nəsibə, sən hərgah bu əsəri oxumuş olursan heç şübhə yoxdur ki, dulluq həyatı ilə məndən daha artıq maraqlanmış olacaqsan. Əlbəttə, bu əsəri oxuyasan. Sənə məsləhət görürəm. Nə sən, nə də mən evlənməmişdən qabaq «əsəbilik» devrinin mə’nəvi ləzzətlərini anlaya bilməmiş və haman qiymətli günlərdən istifadə edə bilməmişik. Mən indi professor O. Şraderanın «İnsan əsəbilikdə» sərlövhəli əsərini oxuyub özümüzün keçmiş günlərimizə təəssüf edirəm. Doğrudan da bu kimi əsəri məndən daha əvvəl oxumuş olsaydın, həmin bu məktubun eynini sən mənə göndərəcəkdin. Hər halda mən bu barədə qabağa düşdüm və dulluq həyatımın ləzzətli yollarını sənə göstərmiş oldum. Hər halda mən səviyyəsizlik üzərində apardığımız mübarizələrin hədər və yersiz olduğunu indi-indi hiss edirəm. Bu barədə sənə əziyyət verdiyim, hətta səni tə’qib etdiyimdən utanıram. Hazırda qarşımda mühüm bir əsər durur. Əsər professor Tsiker Kadlyahın «Qadın bədəninin quruluşunun kişi bədəni quruluşu ilə müqayisəsi» adlı mühüm bir əsərdir. Bu əsər göstərir ki, hər fikri hər baş çəkə bilməz, hər toxum, hər torpaqda göyərməz. Qadın quruluşu, kişinin quruluşu çəkən siqləti çəkə bilməz. Hələ qadının ruhani və mə’nəvi yaşayışlarındakı xüsusiyyətləri götürmüş və onları məşhur Qərb alimlərindən Lili Braunun dediyi kimi tədqiq etmiş olursaq, görə bilərik ki, qadının zövq və iste’dadı elmi sahələrdən çox uzaqda gəzir. Mən özümü sənə hiss etdirmək üçün zamanlarca çalışdım. Nəhayət acizlədim, həftələrlə bu barədə düşündüm, kitabları aradım, qənaətverici bir cavab tapa bilmədim. Professor Yu. Veyssanın «Qadın hissləri dünyası» nam əsəri bu barədə mənə bə’zi qeydlər verdisə də, yenə də qənaət hasil eləmədim. Nəsibə, qəlbin sınmasın, sən qadın olmadın və kişinin ruh və zevqini oxşamağı bacarmadın. Mən sənə Maria Ştrittanın «Qadın bir arvad kimi» əsərini oxumağı tövsiyə etdimsə də sözümə baxmadın. Məncə bu kimi əsərlər bizim hazırda qırılmaqda olan ailə həyatımızın az müddət də olsa davam eyləməsinə yardım verəcəkdi. Bunların hamısı keçibdir, biz elmi əsaslarla evlənmədiksə də elmi əsaslar üzərində ayrılırıq, çünki elmi səviyyə olmadan ailə həyatını davam etdirmək qabil deyildir. Sən də savadsız deyilsən, insan həyat məktəbinin hər sinfini, hər dərəcəsini keçməlidir. Nə eybi vardır, bir az da həyatın bu sahəsini yenidən tədqiq edərik. Buna görə də sən bu məktubu alan dəqiqədən özünü azad hesab etməlisən. 28 mart 1919-cu il. Mirzə Niyaz». Uşaq doğulduqdan bir neçə ay sonra, Nəsibə Mirzə Niyazdan şikayət ərizəsi yazıb onun məktubu ilə bərabər məhkəməyə göndərmişdi və ərizəsində yaşaya bilmədiyini göstərərək uşaq üçün məsarif tələb eləmişdi. Bu gün Mirzə Niyazın işinə baxılırdı. Məhkəmə salonu ziyalılar və bazar əsnafı ilə dolu idi. Hətta Mirzə Niyazın dükan qonşuları da dükanını bağlayıb Mirzə Niyazın elmi çıxışlarını eşitmək üçün məhkəmə salonuna yığışmışdı. Mirzə Niyaz qoltuğunda bir çox əski kitab və əlində qalın bir portfel olduğu halda oturub fikirləşirdi. O, kitabını və portfelini müttəhimlər kürsüsünün yanındakı masanın üzərinə qoyub qoltuğundakı bloknotdan məhkəmədə verəcəyi cavabı əzbərləyir və arasıra gözünün birisini aşağı və digərini isə yuxarı edərək dərin bir surətdə düşünürdü. Nəsibə də gəlib bir tərəfdə oturub qucağındakı uşağa hərəkət verir və onu sakit eləyirdi. İş başlandı. Məhkəmə sədri işlərin içərisindən bir iş götürüb səsləndi: – Nəzirə hacı Həsən qızı! Cənab Mirzə Niyaz Rəhimli! Məhkəmə sədrinin sözündən sonra Nəsibə yerindən qalxaraq: – Cənab sədr, mənim adım Nəzirə deyil, Nəsibədir, yanlış yazılmışdır, — dedikdə məhkəmə sədri: – Oturunuz. Hələ sizin işinizə baxılmır, — dedi. Nəsibə oturdu. Məhkəmə sədri yenə də sözə başlayaraq: – Nəzirə hacı Həsən qızı cənab Mirzə Niyazdan şikayət verərək doğduğu uşaq üçün məsarif istəmişdir. Müddəi öz ərizəsilə bərabər məhkəməyə bir məktub da vermişdir, — dedi, — məktubu oxumağa başladı. Nəsibə yenə də həyəcanlı bir surətdə ayağa qalxaraq məhkəmə sədrini səslədi: – Məktub mənə yazılmışdır, budur surəti də redikülümdədir. Rica edirəm ərizəmə yaxşı diqqət verəsiniz. Sədr onu sakit etməyə başlamadan, Nəsibənin yanında oturan gənc bir qadın qucağındakı uşağına hərəkət verərək Nəsibəyə dedi: – Sən nə üçün yalan deyirsən. Budur Mirzə Niyazın mənə yazdığı məktub. Nəsibə gənc qadının əlindəki məktubu alıb öz məktubu ilə müqayisə elədikdə məktubların Mirzə Niyaz tərəfindən imzalandığını və məzmunca da bir olduğunu görüb heyrətləndi. Bir azdan sonra Nəsibə məhkəmə sədrinin səsini eşidərək ayağa qalxdı. Məhkəmə sədri ona belə bir sual verdi: – Bu ərizəni sənmi vermişsən? – Bəli mən vermişəm!.. – Nə istəyirsən? – Uşaq üçün məsarif istəyirəm!.. Məhkəmə sədri daha başqa cavab vermədi. Müddəilərin ikisi də öz ərizəsində uşaq üçün məsarif tələb etmişdi. Məhkəmə sədri Mirzə Niyaza müraciətlə: – Cənab Mirzə Niyaz, indi söz sizə verilir — dedikdə Mirzə Niyaz ayağa qalxdı, kürsünün üstündəki kitablarını düzəltdi, öz portfelini də onların üzərinə qoyaraq bloknotu da əlinə aldı. O, sözünü belə başladı: – Bir çoxları təəccüb edəcəkdir ki, Mirzə Niyaz elmi bir işçi olduğuna baxmayaraq iki qadına bir məktub göndərmişdir. Almaniyalı elmi-təşrih və ruhiyyat alimlərindən, doktor Fon Şarilberq öz əsərində yazır ki, qadınlar xarici görünüş cəhətcə müxtəlif olsa da, onlar xasiyyət və təbiətcə birdir. Onların daxili quruluşu və insanlığa məxsus iste’dadı fərqli deyildir. Milan alimlərindən Paulin Şiffin yazdığına baxılırsa, bir qadın ağlını ölçmək üçün digər bir qadının hərəkətlərinə diqqət vermək kifayətdir. Bu kimi elmi əsaslara istinadən, mən bu iki qadının hər ikisinə bir məzmunlu məktub göndərdim. Şübhəsizdir ki, məhkəmə salonunda oturan ağalar və ziyalı simalar, tacir və qiymətli şəxslər mənə belə bir sual verə bilər: – Siz nə üçün qadınları tez-tez dəyişirsiniz? Mən yenə də bu suala elmi əsaslara istinadən cavab verəcəyəm. Vyana alimlərindən Yulveysin, Frans İosifə ittihaf olaraq yazdığı «Ailə quruluşunda intixab» sərlövhəli əsərinin 35-ci fəslində yazır ki: «Sağlam ailə qurmaq istəyən bir erkək, dişiləri intixab etmək qüvvətinə malik olmalıdır». Mən bu kimi elmi qeydlər nəticəsində də azəri xalqına mədəni bir ailə vermək hazırlığını aparır və intixab üsullarını tətbiq edirəm. Hələ Almaniya alimlərindən Pedor Fontso Beltitsa yazdığı böyük bir əsər intixab üsulu tətbiq edən və qadınları tez-tez dəyişən erkəkləri daha da haqlı buraxır. O yazır ki: «Bir nöqtədə donub qalmaq, yaşamaq üçün eyni fikri əsas tutmaq inkişaf və proqres qanununun əleyhinədir». Bundan da əlavə, professor Fridrix Tsimmer yazır ki, «İzdivac qanununun tələbi üzərinə olaraq bir qadının məhəbbətində davam etmək ibtidai adətlərin töküntüsüdür». Eyni professor digər bir əsərində yazır ki: «İzdivac müddətinin uzunluğu iki insanın biri digərinə yük olması deməkdir». Amerika alimlərindən Mister Vilyamson yazır ki: «İzdivac əlaqəsi tabut gəlmədən qırılsa daha yaxşıdır». Hindistan alimlərindən Buriba yazır ki, «İzdivac ağırlığından dincəlmək üçün talaq məcburi bir haldır». Uşaqlara məsarif vermək məsələsinə gəldikdə, bu barədə mən öz məktubumda yazmışam: «Dünyaya gəlmək istəyən uşağın dünyaya gəlməmişdən əvvəl qeydinə qalmalısan». Bu sözlərdən sonra qadınların hər ikisi birdən – Fırıldaqçı! — dedilər, Buna cavabla Mirzə Niyaz vüqarını pozmayaraq dedi: – Viyana filosoflarından M. Çoller Landtık və Essen professorlarından Kellenanın yazdığı üzrə fırıldaqçılıq insanların yaşamaq qabiliyyətindən doğan bir xüsusiyyətdir. Məhkəmə salonunda oturanların Mirzə Niyaza əl çalması və «elmi işçi»ni alqışlaması bitmədən müsavat məhkəməsi öz qərarını uca səslə e’lan etdi: – Nəzirə hacı Həsən qızı və Nəsibə Usta Ələsgər qızının cənab Mirzə Niyazdan məsarif tələb etmək üçün verdikləri ərizələri kifayətsiz e’lan edirik. Bazar baqqalları Mirzə Niyazı aralığa alıb təbrik etdikləri zaman qucağında uşaq olan iki gənc qadın bir daha səsləndi: – Fırıldaqçılar!.. * * * Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi: – Zəmanənin üzünə lə’nət! Mirzə bu sözləri dedikdə onun qadını Şeydabəyim xanım da saçlarını daramaqda idi. O, daraqdan təmizlədiyi tük qırıntılarını barmaqlarında yumurladı və üstünə tüpürüb gül qabına salaraq: – Yenə nə olubdur? — deyə Mirzəyə sual verdi. Mirzə əlindəki bığ çotkasını jiletinin cibinə qoyaraq: – Bundan artıq nə olacaqdır? — dedi, — Bu dünyada nəcib və alim adamlar üçün iş yoxdur. Gədə-güdə işi alıb əlinə, amma Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımiç kimi alim, dünya görmüş adamlara iş tapılmır. Axırda mən kənd müəllimliyinə də boyun əydim, onu da mənə çox gördülər. Bilmirəm yaxamız bu əclaflardan nə vaxt qurtaracaqdır? Şeydabəyim xanım iki əllərini düyüb gözlərini bərəltdi və: – O qanmaz köpək uşağı səndən də elmli, səndən də qanacaqlı, səndən də tərbiyəli, səndən də nəcib, kimi tapacaqlar? Desinlər görüm mahalda ikinci Şahqulu bəyin nəvəsi vardırmı? – Bəlkə də vardır, — Mirzə qəmli bir halda dedi, — burnu fırtdıqlının birisi mənə imtahan tutdu «harada müəllimlik qurtarmışsınız»? deyə soruşdu, kağız istədi, mən də ki, bunu tapa bilmirəm. İndi o kağızı mənə kim verər? Bunun üçün də mərkəzdən ağzından süd qoxusu gələn bir uşağı mənim yerimə göndəriblər. Mirzə Kazım Kazımiç bu sözləri danışarkən qanı vuruldu, o, özünü şaşırdı və nə edəcəyini, yaxud hara qaçacağını bilməyərək qadınına müraciətlə: – Şeydabəyim, amanın bir günüdür, məni bu haramzadanın əlindən qurtar, — dedi. — Yenə bu həyasız Məşədi Haşımdır. Sən olasan Qulu Soltanın goru gəl bunun qırt-qırtını birkərəlik kəsək getsin. Şeydabəyim əlini masaya vuraraq: – Bunu biryerli başından çıxar. Mən heç vaxt qızımı Keçiqulaq kəndinin küçə baqqalına verməzəm. Siz allah bir kişinin namusuna baxın, istəyir ki, Qulu Soltanın nəvəsini itin birisinə versin. Mirzə Kazım yalvarıcı bir surətdə danışırdı: – Ay arvad, mən bunların hamısını bilirəm. Bilirəm ki, mənim qızım iki tərəfdən də nəcibdir. Ata tərəfindən Şahqulu bəy, ana tərəfindən Qulu Soltanın nəvəsidir. Amma nə çarə etmək. İl üzünü kişinin dükanından söküb gətirib yemişik. Özünə də qızı və’də vermişik. İndi gərək ya qızı verək, ya inki kişinin pulunu özünə qaytaraq. Bu da ki, bizdə yoxdur. Arvad, sən gəl mənim alış-verişimə qarışma! Şeydabəyim xanım özündən çıxdı: – Cəhənnəmə yoxdur, gora yoxdur. Get haradan tapacaqsan tap ver, — dedi. Şeydabəyim xanımın səsini eşidərək içəri otaqdan qızları Dilrüba xanım da dışarı çıxdı: – Ana, yenədəmi döyüşürsünüz? Vallah mən ağlayacağam, — deyə ağlamağa başladıqda baqqal Məşədi Haşım da pərdəni qaldırıb başını içəri uzatdıqdan sonra: – Mirzə, gəlmək olarmı? — deyə səsləndi. Mirzə Kazım vəziyyətini dəyişdirərək: – Buyurun məşədi — dediyi zaman əvvəlcə Şeydabəyim xanım, onun dalınca Dilrüba gözlərinin yaşını silərək içəri otağa keçdi. Məşədi Haşım baqqal evin vəziyyətini gözdən keçirdikdən sonra, börkünü çıxarıb yemək masasının üzərinə atmaqla: – Mən buna razı deyiləm, — dedi. — Madam ki, qız məni sevmir, bir halda ki, o mənim adım gələndə ağlayır, o zaman bu xeyir işin bir faydası olmaz, o zaman qız mənə gəlsə də, bu xeyir işə razı olsa da, ondan ağız ləzzəti görməyəcəyəm. Yastıq yoldaşı ki, sahibini sevmədi, onun faydası yoxdur. Yaxşı olar ki, mənim haqq-hesabımı verəydiniz, çıxıb gedəydim. Mən daha evlənmirəm. Mirzə Kazım əlini onun çiyninə qoyaraq: – Məşədi Haşım, and olsun Şahqulu bəyin qəbrinə qızın səndən ötəri arası yoxdur. Özü də anasını bu barədə tələsdirir, ağlamağı da aramsızlığındandır. Bir də budur ki, indi qızı kimə verəcəyiz ki, səndən artıq olsun? İndi daha bəy yox, xan yox, pristav yox, naçalnik də yoxdur. Məşədi Haşım baqqal döşünü qabağa verərək əlini arxalığının qoltuq cibinə vurdu: – İndi xan da mənəm, bəy də mənəm. Pristav da, naçalnik də mənəm; onların yüzünü qoynumdakı bu kisə ilə alıb sataram, — dedi. Mirzə Kazımın rəngi bir az açıldı, pul söhbəti onu bir az canlandırdı və Məşədi Haşım baqqalı ələ tutmağa, qəlbini ələ gətirməyə başladı: – Onu mən bilirəm. Bilirəm ki, qızım sənin evində ehtiyac hiss etməyəcəkdir. Buna görə də qızın özü də səni sevir. O ki, qaldı qızın ağlamasına, bunun təmamilə başqa mə’nası vardır. Allah yoxsulluğun evini yıxsın. İnsan ailənin yanında da xəcalətdə qalır. Mirzə Kazımın bu söhbətində Dilrüba xanım da içəri otaqdan çıxaraq Məşədi Haşım baqqalın yanında bir az dolaşaraq, qayıtdı. Məşədi Haşım baqqal qızın onu sevdiyini eşitdiyi üçün gözləri qızmış və hali-təbiisindən çıxmışdı. Buna görə də o, Mirzə Kazım ilə əvvəlcə danışdıqlarından peşiman olaraq dedi: – Mirzə, indi ki, siz məni alçaq könüllük edib öz qohumluğunuza qəbul edirsiniz, o zaman öz sirrinizi məndən gizlətməməlisiniz, hərgah ehtiyacınız varsa yenə də məndə beş-on şahı tapılar. Allah kərimdir. Dünya həmişə belə qalmayacaqdır. Məşədi Haşım da beylə oğul deyil ki, bir parça çörək tapa bilməsin. Mirzə Kazım pul adı eşidərkən əllərini bir-birinə sürtərək evi bir baş dolaşdı, çotkasını jiletinin cibindən çıxarıb bir kərə bığlarına çəkdikdən sonra Məşədi Haşıma müraciətlə dedi: – Qızın bu gün anadan doğulan günüdür. Ona bəzi şeylər almaq lazım idi. Əslinə baxasan dava da onun üstündədir. O deyirdi ki, mən burada qalmaq istəmirəm. Köçürün gedim deyirdi. Məşədi Haşım üzünü divara çevirdi, o, arxalığının döşündən asılan qaytanı bir kərə yuxarı çəkdi və qoynundan göy parçadan tikilmiş bir kisə çıxardı, əlləri titrəyə-titrəyə 10 dana çervon sayıb götürərkən özü-özünə danışdı: «Sən öləsən, böyük kələyə düşmüşəm. Bu zalım qızını bir təhər söküb bu evdən qoparsaydım yaxam qurtarardı. Mən özüm də bilmirəm, bir ilin içərisində insan neçə dəfə doğula bilər? Bu il ən azından dörd kərə bunun doğulan gününə xərc vermişəm. Özünə də yüz manat-yüz manat». Məşədi Haşım pulları Mirzə Kazıma verdikdə Mirzə Kazım: – Sağlıq olsa bu günlər xeyir işi başa gətirməliyik, — dedi: – Qız ki, on səkkiz yaşına çatdı, özünün vəkilidir. Keçmişdə adət var idi, şəriət var idi. Allah baisin evini yıxsın. Mən başıma nə kül töküm, qoşulub getdi! Bu sözləri Mirzə Kazım Məşədi Haşım baqqala deyirdi. Məşədi Haşım qızın əldən çıxdığını eşidərkən daha artıq söz danışmadı, cibindən dəftərini çıxarıb masanın üzərinə atmaqla: – Eybi yoxdur. Qoy getsin. Hərgah məndən artıq verən varsa, mən mane deyiləm. Lakin mən bu saat haqq-hesabımı alıb gedəcəyəm. Mən daha evlənmirəm, qələt eləyirəm. Gedib öz tayımı taparam. O pula iyirmi pakizə qız alaram. De gətir görək. Mən bu evə daha qayıtmayacağam. Mənə də Məşədi Haşım deyərlər! Mən qənimə qan ağladan bir kişiyəm. Gedənin birisinə əlli manat verərəm, bir dəfə «part», qurtardı getdi. Onda bilər ki, özgənin nişanlısını aparmaq nədir. Mirzə Kazım vəziyyətin ağırlığını hiss edirdi, qızını Danağıran kəndinin dükançısı Kəblə Hüseynquluya verməyə bilməzdi. Çünki Kəblə Hüseynqulu ilə olan «tanışlıqları» Məşədi Haşım ilə olan əlaqələrindən daha əvvəl idi. Mirzə Kazım Məşədi Haşımın hiddətini soyutmaq üçün: – Heç özündən çıxma, — dedi, — qismət belə imiş. Qızın özü də səni sevdiyinə baxmayaraq, birdən-birə dəyişdi, sən onu iki ildir ki, gözlədin, zəhmətini çəkdin, ətək dolusu pul xərclədin, axırda o səni buraxıb başqasına getdi. Xudavəndi aləmin də istədiyi bu imiş. Nə olsun ki, Dilrüba olmasın onun kiçik bacısı Xanımçan olsun. Özü ondan gözəl, ondan da yaşda kiçik, on yeddi yaşında. Bir il də gözlə, gəl əyalına sahib ol. Mirzə Kazım bu sözü deyərək qızı Xanımçanı səslədi: – Qızım, külqabını bura gətir, — dedikdə qız içəri girdi və külqabını gətirib masanın üzərinə qoyub qayıtmaq istədi. Mirzə Kazım qızı səsləyərək: – Qızım, əmiyə əl ver, — dedikdən sonra qız utana-utana Məşədi Haşıma yanaşaraq əlini sıxdı. Bu halda Məşədi Haşım qarşısındakı güzgüyə baxdı, əlləri ilə saqqalını düzəltməyə başladı və dedi: – Mən nə deyə bilərəm? Siz mənim böyükümsünüz, özünüz də nəcib və elmli bir adamsınız. İndi ki, məsləhət görürsünüz, mən bir il də gözlərəm, amma belə qanıram ki, balaca xanımın yaşı o qədər kiçik deyildir. Elə indi də xeyir işi bitirə bilərik. Mirzə Kazım gülümsəyərək: – Mənim heç sözüm yoxdur, — dedi, — qızı aparıb necə ki, istəyirsən elə də tərbiyə edib, öz səliqən ilə də böyüdərsən. Ancaq məsələ burasındadır ki, mənim hələlik qız köçürmək halım yoxdur. Görürsən ki, işsizəm. Bir az səbr eləyin, əlim iş tutsun, axı biz də bir adamıq, nə oldu ki, bir neçə ildən bəri kasıbladıq. Bizim bir ad-sanımız vardır. Xalq eşitsə ki, Şahqulubəyin nəvəsini köçürtmək istəyirlər, hər yerdən tökülüb gələcəklər. Xüsusən qız ana tərəfindən də Qulu Sultanın nəvəsidir. Mən istəmirəm xərcin hamısı sənin üstünə düşsün. İndi ki, qızın üstünə sənin kimi bir namuslu adamın adı qoyulur, gərək indidən başlayıb onun əyin-başını düzəltmək və sənin adına layiq bir qız şəklinə salmaq. Özün də bilirsən ki, hələlik mən bunu bacarmayacağam. Mənim o vaxtım deyildir. Sən bilirsən ki, məni zəlzələ dağıdan kimi dağıtdılar. Xüsusən qızın anası Şeydabəyim xanımla da danışmaq və onu bir təhərlə bu məsələyə razı salmaq lazımdır. Hərçənd onun özü də sənin kimi nəcib bir kişi ilə qohum olmağı özünə fəxr bilir, bununla belə yenə də o qız anasıdır. Kürəkəni tərəfindən razı salınmalıdır. Kürəkən də qaynananın məsləhətini əldə etməlidir. Mirzə Kazım çox uzun danışdı. Məşədi Haşım baqqal isə kibrit qabındakı kibritləri boşaldıb və bir-bir götürərək bir tərəfə qoyurdu. O, Mirzə Kazımın böyük qızına qoyduğu xərci kibrit çöpləri ilə hesab edir və düşünürdü. Məşədi Haşım baqqal Mirzə Kazımın dediyi sözlərin mə’nasını tamamilə anlayır və bu alış-verişin altına girmək üçün yenə də öz sərmayəsini kibrit çöpləri ilə yoxlayaraq danışırdı: – Mirzə, sən bilirsən ki, məndə böyük sərmayə yoxdur. Mən kənd dükançısıyam. İndi də ki, dükanı yığışdırmışam, əlimdə olan sərmayə də o qədər böyük deyildir. Sizin qızınıza qoyduğum xərci də ki, bilməmiş deyilsiniz. Hələ sizə borc verdiyim buraya daxil deyildir. – Buna görə də mən xahiş edərdim ki, bizim balaca xanım vasitəsilə başlayacağımız qohumluq mənim üstümə çox da baha oturmasın. Bir az ucuz başa gətirəsiniz ki, öz sirrimiz öz içimizdə qalsın. Heç kəs bilməsin ki, nəyimiz var, nəyimiz yoxdur. Mirzə Kazım: – Belədir ki, deyirsən — söylədi. Lakin böyük işə girən adamlar böyük zəhmət çəkməli və böyük xərc qoymalıdır. Sən Şahqulu bəy və Qulu Sultanın nəvəsinə evlənirsən, gərək onların işinə layiq də iş tutasan. Mənə borc verdiyin pula gəldikdə, onu da işə girən kimi bir yerdən özünə qaytaracağam; bu günün özündə iş tap, gedib işləyim və maaşımı alan kimi də pulunu qaytarım. Özün bilirsən elmli bir adamam. Bu məsələnin ucuz qurtarmasına gəldikdə, mən sənin vəziyyətini nəzərə alıram. Bu barədə də sonra danışarıq. Hələlik sabah keçə Xanımçanın ad günüdür, hazırlıq görmək lazımdır. Məşədi Haşım baqqal kisəsindən iki yüz manat çıxarıb Mirzə Kazımın qabağına qoyarkən öz ürəyində: «Hələ bu birinci ad günü...» — dedi. Bu gecə Keçiqulaq kəndinin ağsaqqal, qolçomaq və həmpaları bir yerə yığılıb məsləhətləşirdilər. Onların içindən Təhməzqulu söz alıb: – Kolxozluq başlanır, — dedi, — əvvəla budur ki, bizi kolxoza qoymayacaqlar. Hamı bir səslə: – Qoysalar da bizim üçün əlverişli olmayacaqdır. Belədir Məşədi Təhməzqulu, belədir ki, var — dedilər. Məşədi Təhməzqulu yenə də sözü davam etdirərək: – Qoymayacaqlar, — dedi, — hərgah qoysalar da, yoxsul kəndliləri bizə yedək verəcəklər və deyəcəklər ki, siz öz mallarınızla gəlin, onlar boş əllərilə gəlib sizə şərik olsunlar. Baş kənddə də, Həsənqara kəndində də, Çamuşbatan kəndində də, Quzuburnu və Sarıdərədə də belə olmuş. Məclisi sükut bürüdü. Hər kəs bu vəziyyətdən necə və nə cürə qurtarmaq haqqında düşünərkən Məşədi Təhməzqulu yenə də sözünə davam edib danışdı: – Gərək biz elə bir adam tapaq ki, bizim özümüz üçün kolxoz düzəltsin, hökumət də gözünü açıb görsün ki, Keçiqulaq kəndi hamıdan qabağa düşüb kolxoz düzəltmişdir. Bu barədə də bizə bir dil bilən və yol göstərən adam lazımdır ki, özünün torpaq işindən də başı çıxsın. Bizim dilimizdən hökumətə ərizə yazsın və işin başı üstündə durub yerbəyer eləsin, hərgah biz bir az da səbr etsək gədə-güdə qabağa düşüb kolxozu düzəldəcək, hökumət də bizim əlimizdəki torpaqları alıb onlara verəcəkdir. Məşədi Təhməzqulu sözünü davam etdirərkən, Məşədi Haşım baqqalın başında yeni bir fikir oynamağa başladı və onun yadına Mirzə Kazım Kazımiç düşdü. O, həm Mirzə Kazım üçün iş tapmaq, həm də ona verdiyi borc pulları qaytarmaq üçün əlverişli bir fürsət ələ düşdüyünü gördü və sözünü belə başladı: – Siz bilirsiniz ki, mənim o qədər torpağım yoxdur, mən alış-verişçiyəm. Haqq-hesabı yaxşı bilirəm. Yağı dərisindən, pendiri küpəsindən, yaxşı bezi qırağından tanıyıram. Buna görə də mənim kolxoz haqqında düşünməyim artıqdır. Çünki mənim var-yox Qarayal üstündə 25 batman, Tülkü yatağı yanında isə 30 batmanlıq yerim vardır. Amma mənim sizə yazığım gəlir, çünki hər biriniz Keçiqulaq kəndinin böyük bir həmpasısınız. İkiyüzüçyüz batmanlıq da torpağınız vardır. Bunun üçün də mən sizə bir yaxşılıq etmək xəyalına düşmüşəm. Bu iş şübhəsiz ki, məndən aşacaqdır. Sizin yaranıza məlhəm qoyan mən olacağam. Mən Qırdığaç kəndində bir bacarıqlı adam tanıyıram, bu işləri düzəltsə ancaq o düzəldəcəkdir. Özü də çox nəcib bir adamdır. Şahqulu bəyin nəvəsidir. Hər elmdən də başı çıxır. Torpaq işini də lap gözəl bilir. Mən gedib onu bir təhər razı salıb gətirərəm. Hərgah o, bu işə razılıq versə ondan oyana sizin işiniz yoxdur. Bu söhbətdən məclisdə oturan bütün qolçomaqlar Məşədi Haşımdan razı qaldığını bildirdi. Aralıqda həll edilməmiş bir məsələ varsa, o da Mirzə Kazımı Keçiqulaq kəndinə dəvət etmək şəraitindən ibarət idi. Buna görə də Məşədi Təhməzqulu Məşədi Haşıma belə bir sual verdi: – İndi de görüm onu bura necə gətirəcəyik? — dedikdə Məşədi Haşım: – Bax, mən sizə indidən xəbər verirəm. O kişinin başını qaşımağa macalı yoxdur. Səhərdən axşama kimi qapısı camaatla doludur. Hər kəsə nə lazımsa məsləhətini gəlib ondan alır. Buna görə də onun qulluğuna əliboş getmək olmaz. O da xırda pullara ağız bulaşdıran adam deyil. Çox məsləhətdən sonra, Məşədi Haşım min manat pulu qoynuna qoyub səhər tezdən Qırdığaç kəndinə getməyi öhdəsinə götürdü. Bu gün Keçiqulaq kəndinin qolçomaqları üçün tarixi bir gün hesab olunurdu. Onlar Mirzə Kazım Kazımiçin bu gün kəndə gələcəyini eşidib böyük bir hazırlıq görmüşdü. Qolçomaq və onların dalınca gedən bir çox avam kəndlilər səhər tezdən dəyirman arxının yanında toplanıb Mirzə Kazımı gözləyirdi. Qabaqdan görünən hər bir qaraltı Keçiqulaq kəndinin qolçomaqları üçün böyük ümid və hədsiz bir şadlıq verirdi. Nəhayət iki saat gözlədikdən sonra Ayı qayası adlı təpənin başından iki nəfər qaraltı görünməyə başladı, qaraltılar böyüdükcə qolçomaqların varlığında hökm sürən ümidlər və xülyalar da böyüməyə başlayırdı. Qaraltı yaxınlaşdı, onların birisi Məşədi Haşım baqqal, ikincisi isə Mirzə Kazım Kazımiç idi. Dəyirman arxına bir az qalmış Məşədi Haşım mindiyi boz yabanı qamçılayıb kəndlilərə yaxınlaşdı və atının üstündən başını əyib qolçomaqlara yavaşdan dedi: – Özünüzü yaxşı aparın. Mirzə hələm-hələm adamlardan deyil. Məbada artıq-əskik söz danışasınız. Yoxsa bu saatda hər şeyin üstünə tüpürüb qayıdar. Məşədi Haşım bu sözü dedikdən sonra yenə də atının başını çevirib Mirzə Kazıma yanaşdı və ona da bəzi məsələləri çox yavaşdan dedi: – Birinci növbədə bunların gözünün odunu söndürməlisiniz. Özünüzü çox ağır tutun, — dedi. — Bəzi elmlərdən də bunlara nişan verin. Torpaq işlərinə, maldarlığa və s. işlərə dair də danışın. Amanın günüdür, özünüzü yaxşı aparın, mən hamısını deyə bilmərəm. Söz yoxdur ki, mən dediyimi sən özün anlayırsan. Camaata yaxınlaşdılar, bütün qolçomaqlar Mirzə Kazıma baş əydi, Mirzə Kazım isə başı ilə onları salamladı. Mirzə Kazım birinci növbədə qolçomaqlara adi adamlar şəklində görünmədi, onun daşıdığı libas və qiyafənin hər xırda cihəti qolçomaqların diqqət-nəzərini cəlb edirdi. Əvvəla o, başında yanları göy mahud furajkasının üstünə bir dənə çiçək şəkli yapışdırmışdı ki, bu furajka da onun pristav yanında dilmanc olduğu zamandan qalırdı. Çiçək şəkli onun nəbatat alimi olduğuna işarə idi. Onun döşündən sallanmış qaytanların birisi eynəyini, ikincisi saatını, üçüncüsü ucu gümüşlü daş qələmini, dördüncüsü isə furajkasını küləkdən qorumaq üçün idi. O, sağ tərəfdən bir durbin və sol tərəfdən balaca bir sumka asdığı kimi döşündə də bir balaca kompas (qiblənuma) sallamışdı. Qolçomaqların diqqət-nəzərini cəlb edən şeylərdən birisi də Mirzə Kazım Kazımiçin xurcunundan görünən kitablar idi. Onun uzunboğazına taxdığı sim qamçı, qulağının dalısına qoyduğu daş qələm, Məşədi Haşım baqqalın götürdüyü dolu portfel, mirzənin əllərinə taxdığı dəri əlcəklər, xüsusən üstündəki cürbəcür nişanlar da qolçomaqların gözündə ümidverici bir surətdə böyüməkdə idi. Əvvəla, komsomolun «KİM»-dən qabaq daşıdığı nişanı pəncəyinin sol yaxasına taxmışdı, çünki bu, Mərkəzi İcraiyyə Komitəsi üzvlərinin nişanlarına çox oxşayırdı. Nişanlardan, şəhər ilə kənd əlaqə cəmiyyəti, MOPR, Könüllü kimya cəmiyyətinin nişanları, həmkarlar ittifaqlarının payladığı cürbəcür nişanlar bir tərəfində, digər tərəfində də rəhbərlərin xırda-xırda surətləri asılmışdı. «Ovçular», «Siyahətçilər», «Qızıl aypara» nişanlarından bir neçəsini də döşündə yer olmadığı üçün jiletinin yaxasına düzmüşdü. Atlar çox yavaş-yavaş gəlir, qolçomaqlar da piyada olaraq, sağda və solda yürüyürdü. Məşədi Haşım baqqal isə atını o tərəf bu tərəfə döndərib qolçomaqlara yanaşır və özlərini yaxşı aparmaq tövsiyəsində bulunur, Mirzənin nişanlarının haqqında məlumat verirdi. Qurbanəli zəmisinin yanındakı söyüdlüyə yetişdikdə Mirzə Kazım əli ilə qolçomaqlara işarə edərək: – Durun! Dayanın! — dedi. Mirzə Kazım durbini qabından çıxartdı və cibindəki burun dəsmalı ilə durbinin şüşələrini təmizləyərək söyüd ağacının dibində düşən quşu gözdən keçirməyə başladı. O, bir neçə saniyə baxdıqdan sonra üzünü qolçomaqlara dutaraq: – Böyük bir kəşfiyyat, — dedi, — bu quş, Şimal və Şərq məmləkətlərində görüləsi quşlardan deyildir. Bu quş elmi nöqteyi-nəzərdən çox əhəmiyyətli bir quşdur. Mirzə Kazım bunu deyərək atdan düşdü və xurcunundan olduqca köhnəlmiş bir kitab çıxartdı. Kitabda müxtəlif quş şəkilləri var idi. O, kitabı uzun zaman vərəqlədi, axırda barmağını qanadlarında sarı xallar və dimdiyinin ucunda noxud yekəliyində bir ziyil göyərmiş quşun üzərinə qoyaraq: özüdür ki, var, — dedi, — bu quşun adına yunanca «Baklida» quşu deyərlər. Bunlar Cava və Sinqapur adalarında yaşayırlar, həmişə Tridau çayının yanındakı qara istiyot ağaclarında yuva bağlayıb yaşayır, yedikləri də Qrandik bataqlığının yanlarında otlayan dişi meymunların beynidir. Buna görədir ki, quşun vücudu sarıya mayildir. Çünki bütün dişi meymun kimi beyni də sarıdır. Bu quşların erkəyi olmaz. Onlar ancaq Siyam adalarında olan «Sırındaq» adlı quş ilə çütləşirlər. Bu sözlərdən sonra Mirzə Kazım durbini Məşədi Təhməzquluya verdi, o da quşu nəzərdən keçirərək indiyə qədər bu rəngdə quş görmədiyini oradakı qolçomaqlara da söylədi. Hamısı bir-bir alıb baxdıqdan sonra Mirzə Kazım durbini Məşədi Haşım baqqala verdi. Məşədi Haşım quşa baxdı və öz-özünə düşündü: çünki quşun rəngi sarıya mail olsa da vücudunun quruluşu və xüsusən onun quyruğu tamamilə sağsağana bənzəyirdi. Məşədi Haşım şübhələndi, durbini çevirib baxdıqda Mirzə Kazımın dəsmalından durbinin şişələrinə yapışan sarı burun otu parçalarını götürüb şübhədən çıxdı. O, heç bir söz demədən durbini Mirzə Kazıma qaytararaq: – Afərin olsun Mirzənin elminə, — dedi və yavaşdan Mirzənin qulağına bu sözləri pıçıldadı: — Yaxşı ki, burun otu parçalarını görmədilər. Tez durbini qoy yerinə. Mirzə Kazım durbini qabına qoyduqda bir daha üzünü qolçomaqlara çevirərək: – Bu durbin də tarixi bir durbindir. Bu durbin almanlarla fransızların Sedan davasında Napolyonun əlində olmuşdur. Bismark Napolyonu əsir götürdüyü zaman ara qarışıb, durbin faytondan düşüb çöldə qalmışdır. Biz dərsimizi Almaniyada bitirib Şvetsariyada «Qarada» meşələrinə təcrübə dərslərinə getdiyimiz vaxt, həmin bu durbini bir kəndlinin evində görüb on səkkiz qızıla aldım. Qolçomaqlar Mirzə Kazımın xaricdə təhsil etdiyini eşidərək daha da geniş ümidlərə daldı. Məşədi Haşım isə yenə də xoruzlanaraq: – İndi görürsünüz ki, Məşədi Haşım bir kənd dükançısı olduğuna baxmayaraq elmli və mə’rifətli adamlarla tanışdır. Rəhmətlik atam da belə idi, ətrafdan gələn bütün qonaqlar dəllək usta Gənbərin evini soruşub atını düz doğru qapımıza sürərdi. Mirzə Kazım durbini yenə də yanından asdı və haman quşun qonduğu yerə irəliləməyə başladı. Məşədi Haşım və qolçomaqlar da onun dalısınca düşüb gedirdi. Quş uçub getmişdi. Lakin onun qonduğu yerdə qurumuş bir uzunqulaq təzəyi var idi. Mirzə Kazım uzunqulaq təzəyini diqqətlə nəzərdən keçirdikdən sonra qolçomaqlara dönərək: – Keçiqulaq kəndi adi kəndlərdən deyilmiş, — dedi, — bu təzəyin özünü də elmi nöqteyi-nəzərdən tədqiq etdikdə görəcəksiniz ki, bu da adi «uzunqulaqların» təzəyindən deyildir, təzəyin mənsub olduğu heyvan Hindistanda, Sində nəhri sahillərində yaşayan «Şiraşyan» qəbilələrinə məxsus uzunqulaqlardandır. Bunların adına «Şərqlan» uzunqulağı deyirlər. Qolçomaqlar heyrət içərisində qaldığı vaxt Mirzə Kazım da yanındakı sumkasından bir şişə aləti çıxarıb təzəyi yoxladı və sonra təzəyə kibrit vurub odlayaraq qolçomaqlara döndü: – Fikrim doğru fikirdir, — söylədi, — təzəkdə Hindistanda «Dərəmida» meşələrində göyərən «toban» kəbələyinin maddələri vardır. «Toban» kəbələyi maddələrindən əlavə burada Dehli səhralarında göyərən «məlatu» adlı otların çöpləri də görünür. Mirzə Kazım atına mindi, Məşədi Haşım da atını yedəyində sürərək, qolçomaqlarla bərabər gedir və Mirzə Kazımın alim adam olduğu barəsində danışırdı. Qara torpaq üstünə yetişdilər. Mirzə Kazım torpaqdan bir ovuc alıb qoxuladı və fikrə getdi və bir azdan sonra torpağı yerə ataraq: – Qəribə torpaqdır, — dedi, — bu torpaq İngiltərədə Mançestr məmləkətinin torpağındandır. İngilislər bu torpaqda Mançestr toxucu fabrikalarına vermək üçün yun əkirlər. Mirzə Kazımın bu sözündə Məşədi Təhməzqulu təəccüblü surətdə Mirzə Kazıma sual verdi: – Məgər yunu torpaqda əkmək mümkündürmü? Halbuki, biz yunu qoyunlardan qırxırıq. Mirzə Kazım gülərək: – Bir halda ki, torpaqda yun əkmək mümkündür daha allahın heyvanlarına nə üçün əziyyət vermək? — dedi. Məşədi Haşım qolçomaqların şübhələnməsi və Mirzə Kazımın böyük səhvini görərkən aralığa atılıb: – Hələ Mirzədən bir çox eşitmədiyiniz elmləri görəcəksiniz, — dedi. Keçiqulaq kəndinin yoxsulları tərəfindən şəhərə bu məzmunda bir məktub göndərilmişdi: «Biz çoxdanbəri kolxoz düzəltmək və ortabab kəndlilər ilə əlbir işləmək istəyirdik. Lakin qolçomaqlar bizim hər bir işimizə əngəl törədirlər. Əvvəl qolçomaqlar bizdən qabağa düşüb kolxoz düzəltmək və öz yaxalarını qurtarmaq istəyirdilər. Hərgah belə olsaydı çox mənfəətli idi. Çünki onların əlindəki mal-qara da dağılıb itməzdi. Lakin Məşədi Haşım baqqalın vasitəsilə Qırdığaç kəndindən çağırılan Mirzə Kazım qolçomaqların başına ayrı cürə fikir qoydu. Qolçomaqlar onun məsləhətinə görə, bütün mallarını satdılar. Ortabablar da onların tə’sirinə düşüb iş mallarını tələf edirlər. Hərgah bir az da belə getsə kənddə bir dənə qara mal qalmayacaqdır. Qolçomaqlar Mirzə Kazımın məsləhətinə görə, bütün malları tələf elədikdən sonra hökumətə ərizə verib kolxoza girmək xəyalındadırlar. Məşədi Haşım baqqal böyük pul qazanıbdır. Bütün iş malları onun vasitəsilə satılır. 14 yanvar 1931-ci il. Keçiqulaq kəndinin yoxsulları. Bu məktub şəhərə göndərildiyi vaxt yenə də Məşədi Haşım öz eşqbazlığında idi. O, bu gün təzə nişanlısı Xanımçanın altıncı ad gününü keçirirdi. O, əlində zənbil içəri girdikdə, Mirzə Kazım Kazımiçin otağı qadınlar ilə dolu idi. Mirzə Kazım irəli keçib Məşədi Haşımı Nazlıça xanıma təqdim edərək: – Bu cənab mahalımızın məşhur tacirlərindən Ağa Məşədi Haşımdır, — dedi. — Bundan da sonra Mirzə Kazım Nazlıça xanımı ona təqdim eyləyərək: — Bu xanım da bizim kiçik əmimiz oğlu İldırım bəyin xanımıdır. Ərini iki ildir ki, sürgünə göndəriblər. Şeydabəyim xanım da otağa daxil olub yanındakı gənc qadını Məşədi Haşım ilə tanış elədi: – Bu Xuduş bəyin nişanlısıdır. Əri on bir ildir ki, İrana qaçıbdır, — dedi. Məşədi Haşım artıq Mirzə Kazım Kazımiçin qızı Xanımçanı tamamilə unutmuşdu. O, bilmirdi ki, hansı qadınla danışsın və onların hansı birisi ilə otursun. Çünki Mirzə Kazımın evinə yığılan qadınların hamısı tacir Məşədi Haşım ilə maraqlanırdı. Onların hər birisi Məşədi Haşımı bir cürə əyləndirir və ruhunu oxşayırdı. Nazlıça xanım: – Mən kişinin cavanını sevmirəm. Cavan kişi qadını lazımınca anlaya bilməz, — dedikdə, Püstsədəhan xanım: – Mən bədəni tüklü kişini çox istərəm. Kişiyə nərmənaziklik heç də yaramır — dedi. Gülpirəhən xanım tamamilə başqa cürə danışdı. O: – Kişi gözəl olmamalıdır. Kişidə bir qara-qabaqlıq lazım — söylədi. Qönçədəhan xanım gülərək: – Heç biriniz anlamırsınız, kişi olduqca fikirli, qaş-qabaqlı və etinasız olmalıdır, — dedi. Bütün bu sözlər Məşədi Haşımı məşğul etmək üçün idi. Məşədi Haşım yumşaq divanın üstündə oturub bu sözləri dinləyirdi. Onun yanında, qarşısındakı kürsülərdə oturan xanımlardan başqa ayaq üstündə durub ona baxanlar da var idi. Məşədi Haşım danışıqların cavabında ancaq bircə söz dedi: – Məncə kişidə pul və pul qazanmaq üçün qabiliyyət olmalıdır. Bu sözlər Məşədi Haşımın ağzından çıxarkən Şeydabəyim xanım: – Allaha çox şükür olsun ki, bunların ikisi də Məşədidə vardır, — dedi. Bu söz Şeydabəyim xanımın ağzından çıxan kimi yanlarda oturan, qarşıda duran bəy qadınlarının vəziyyəti dəyişdi, bu vaxt onlar özlərini Məşədi Haşıma cürbəcür vəziyyətdə göstərməyə çalışırdılar. Qramofon çalındı, rəqs başlandı, Məşədinin sevgilisi Nazlıça xanım yenicə oynamağa başlamışdı ki, Məşədi Haşım onun ayağı altına 20 çervon kağız para tulladı və məclisdə oturan bəy qadınlarının diqqətini daha da özünə cəlb eylədi. Lakin bu şadlıq davam edə bilmədi, rəqs salonunun «havası» çox tez dəyişdi. Sürgünə göndərilənlərin içərisində Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımiçin ailəsinin arabası ən qabaqda gedirdi. Bu arabanın dalınca Keçiqulaq kəndinin qolçomaqları, ən dalda gedən arabada isə Mirzə Kazım ilə Məşədi Haşım baqqal oturmuşdu. Yanlarda gedənlər və sürgünə göndəriləndələri stansiyona yola salanlardan birisi, Mirzə Kazımın Məşədi Haşıma dediyi bu sözləri eşitdi: – Mən Şahqulu bəyin nəvəsiyəm. Sözüm sözdür. Xanımçanı səndən başqa heç bir kəsə verməyəcəyəm! * * * Serjant İvanov adına körpələr evi Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi. Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi. Külək şiddətlənirdi. Hücum əmrini gözləyən hər bir qızıl əsgər bütün diqqətini toplayaraq təyyarə səsini eşitməyə çalışırdı; çünki K. kəndini düşməndən almaq üçün hücum birinci olaraq sovet təyyarələrinin hərəkəti ilə başlanacaqdı. Telefonçu hər an diviziya komandirinin əmrini gözləyirdi. Telefonun zəngi vuruldu. Telefonçu sevinərək dəstəyi götürdü. Lakin bu şadlıq uzun çəkmədi. Vurulan zəng səhra telefonunun işləyib-işləməməsini yoxlamaq üçün idi. Meşədə minlərlə döyüşçünün yerləşdiyinə baxmayaraq, bir səs belə eşidilmirdi. Lakin bir az sonra meşə həyatına yad olan şübhəli bir səsin eşidilməsi gənc leytenantı düşündürdü. Səs getdikcə şiddətlənirdi. Yaxşı diqqət verildikdə, bu səs ana döşlərindən ayrılan bir körpənin ağlamasına bənzəyirdi. Kənd çox uzaqda idi. Orada ağlayan körpələrin səsi bu qədər yaxından eşidilə bilməzdi. Bundan əlavə, kəşfiyyatçıların gətirdiyi xəbərə görə, kənd təmamilə yandırılmış, kənddə yaşayanlar isə, hərə bir tərəfə qaçıb getmişdi. Dərhal uşaq səsi gələn tərəfə dörd nəfər qızıl əsgər göndərildi, qızıl əsgərlərin qayıtması o qədər də uzun çəkmədi. Qızıl əsgərlərdən biri qucağında gətirdiyi qanlı yorğana bürünmüş uşağı göstərib raport verdi: – Hissədən iki yüz addım qərbə doğru meşənin içərisi qadın və kişi meyitləri ilə doludur. Gətirdiyim körpə isə bir qadın meyidinin yanında çapalayırdı. Leytenant heç bir söz demədi, körpəni alıb gözlərinə baxdı və qızıl əsgərə qaytarırkən: – Yaxşı uşaqdır, – deyərək dəsmalını çıxarıb gözlərini sildi və sonra üzünü qızıl əsgərə tutub dedi: – Zənn edirəm ki, qızıl əsgərlərin heç biri alman faşizminin bu vəhşiliyini unutmayacaq və intiqam hissi onlarda həmişə alovlanacaqdır. Leytenant bunları söyləyib qızıl əsgərə qısa bir əmr verdi: – Körpəni otağa aparıb rahat edin! Qızıl əsgər leytenantın nə dediyini dərhal anladı və körpəni serjant İvanovun tankına apardı. Serjant İvanov üçün bu birinci təsadüf deyildi: Buna görə də o, körpəni qızdırmaq üçün dərhal motoru işə saldı, uşağın qanlı və islanmış paltarlarını çıxarıb atdı. Onu öz isti yun köynəyinə bürüdü və başı üstündən süd şüşəsini götürüb uşağın dodaqlarına dayadı. On dəqiqədən sonra körpə şirin bir yuxuya getdi. Hücum başlandıqdan sonra göydə, yerdə, hətta qulağının dibində partlayan toplar belə körpəni şirin yuxudan ayıra bilmədi. Göyü birdən-birə dəhşətli gurultu bürüdü. Sovet bombadaşıyan təyyarələri ildırım kimi şığıyan qırıcı təyyarələrin müşayiəti ilə əsgərlərin başı üstündən ötüb keçdi. Hissənin arxasında yerləşən toplar ağızlarını düşmən səngərlərinə çevirib atəş açarkən, İvanovun tankçıları da şam ağaclarını böyrü üstə yıxaraq hücuma keçmişdi. Leytenantın tankçıları hücum əmrini aldığı zaman sanki meşədən ikinci bir meşə ayağa qalxdı. Bir an K. kəndinin üzərini sıx dumanlar bürüdü. Ağır tanklar iti sür’ətlə irəli çumur, bombadaşıyan təyyarələr isə iri və ağır bombaları düşmən səngərlərinə tökürdülər. Çox çəkmədi ki, təyyarələrimiz düşmən təyyarələri ilə üz-üzə gəldi. Havada vurulan düşmən maşınları meşənin içinə düşür, pulemyotlardan güllə yağmuru yağır, topların mərmiləri isə düşmən toplarını havaya sovururdu. Piyadalar düşmən səngərlərinə yaxınlaşırdılar. Arabir gənc leytenantın «İrəli! İrəli!» – səsləri eşidilirdi. Lakin bu səs birdən-birə dəyişdi, leytenantın: – Süngü döyüşünə hazır ol! – komandası eşidilərkən düşmən səngərlərinin qarşısında üçüncü meşə yarandı. Artıq nə top, nə pulemyot, nə təyyarə motorlarının səsi eşidilirdi. Süngü müharibəsi başlanmışdı. Qanlı çırpışma dörd saat davam etdi. Düşmən kəndi əlində saxlamaq üçün bütün qüvvəsini sərf etdi, lakin böyük tələfat verəndən sonra geri çəkilməyə məcbur oldu. Sakitlik başlanmışdı. Şimal küləkləri göyü doldurmuş barıt dumanlarını uzaqlara qovurdu. Düşmən kənd küçələrində çoxlu tank, parçalanmış pulemyot və top buraxıb getmişdi. Hər tərəf bir sükuta qərq olmuşdu. Yalnız uzaqlardan seyrək-seyrək pulemyot səsləri eşidilirdi. Bu vaxt İvanovun tankındakı körpə şirin yuxudan ayıldı və kiçik gözləri ilə tankın içərisindəkiləri seyr etməyə başladı. İvanov körpənin oyandığını gördükdə: – Bütün yorğunluğum bununla bitdi, – dedi və süd şüşəsini körpənin ağzına yaxınlaşdırdı. Körpə isə bu süd şüşəsini mehriban bir ananın döşü kimi bərk-bərk tutdu. Düşmən çəkiləndən sonra kəndə birinci olaraq balaca Vera qayıtmışdı. O, kəndə böyük bir ümidlə gəlmişdi. Onun fikrincə ata-anası hamıdan əvvəl kəndə qayıtmış və evi qızdırmışdılar; çünki faşistlər kəndə girdiyi zaman onlar isti paltar götürməyə, hətta ayaqqabılarını geyməyə belə imkan tapa bilməmişdilər. Vera ayaqyalın idi, meşənin tikanlarında didilmiş ayaqlarını küçələrin buzlu palçıqlarına basdığı zaman titrəyir və ağlayırdı. Qız evlərini tapa bilmirdi. Lakin su budkasının yanından sol tərəfə baxdığı zaman evlərinin yanıb külə döndüyünü görüncə, hönkür-hönkür ağlamağa başladı. Vera bütün gecə-gündüz heç bir şey yeməmişdi, yorğun bədəni soyuqdan donurdu. O, qızınmaq üçün anbarın yanıb oda dönmüş dirəyinin yanında oturdu. Yorğunluq və yuxusuzluq can ağrısına qalib gəldi. Bir neçə dəqiqədən sonra onu yuxu apardı... Budur, atası çöl işindən təzəcə evə qayıtmışdır; anası nahar süfrəsini döşəyir; sobada qızardılmış qazı, bişmiş kartofu, qıpqırmızı üz bağlamış südü və başqa yeməkləri gətirib masanın üstünə düzdü. Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə tökub qaşıq ilə əzir və yeyirdi. Vera bu ləzzətli xəyali süfrənin başında bəxtəvərlik etdiyi zaman, səhərin şiddətli soyuqları onu daha bir başqa aləmə aparmaq istəyirdi. Əsən külək və yağan sulu qar Veranın bədənini bir buz parçasına döndərmişdi. Serjant İvanov balaca bir qızın ölümcül halda tapıldığını eşidərkən sevindi və dərhal: «Körpə ilə məşğul olmaq üçün bu qız göydən düşmə bir ne’mətdir» – deyə qızı öz tankına aldı. Bir az sonra tankçılar İvanovun tankının ətrafına yığışıb gülüşürdülər. İvanov isə barmağını dodağına qoyub: – Sakit! Sakit! Uşaqları narahat etməyin! – deyirdisə də, buna e’tina edən yox idi. Tankçılar yenə İvanovun tankının arxasına baxıb gülüşürdülər. İvanov bundan şübhələndi. O, dərhal maşından düşüb tankı yoxladı, özü də əlini qarnına qoyub güldü və bir daha tankın arxasına vurulmuş kağız lövhəni oxudu: «Serjant İvanov adına körpələr evi». Tanklar irəli hərəkət etmək əmrini almışdılar. Ağır tankın hərəkəti kiçik Veranı və körpəni nazlandırırdı. Hər ikisi şirin yuxu içində idi. Maşın 30 kilometr getdikdən sonra dayandı: Yemək vaxtı idi. Vera gözlərini açıb olduğu yerə diqqətlə baxdı, özünü dəmir bir qəfəsin içində gördü. Sonra özünün ağ bir mələfəyə bürünüb uzandığına diqqət verdi. Lakin qarşısında yağ, pendir, ağ çörək, ağzı açılmış konserv qutuları, qızarmış ət parçaları, isti kakao görəndən sonra bunu da bir yuxu hesab edərək iştah ilə yeməyə başladı. Körpə də üstünü açmışdı. O, təpik ilə Veranın böyründən vurduğu zaman Vera diksinib arxasına baxdı. Körpə ayaqlarını oynadaraq tərpəşəndə, Vera onun üzünə diqqətlə baxdı və dəlicəsinə körpəni qucaqlayıb: – Vovka, Vovka! Qardaşım? – deyərək bağrına basdı və ağladı. Serjant Veraya ata-anasının faşistlər tərəfindən öldürüldüyünü xəbər vermədi. Ancaq öz arvadına yazdığı məktubda belə bir cümlə var idi: «Nataşa, səni təbrik edirəm, indi bizim səkkiz yaşında Vera adlı gözəl bir qızımız, dörd aylıq Vovka adlı totuq bir oğlumuz vardır». * * * Xəstəxana Gənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı. Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi. Mayor bütün həyatında ana qucağı və ana nəvazişinin nədən ibarət olduğunu bilmirdi. Bu səbəblə də baş həkimin göstərdiyi məhəbbət onu sanki bir anda körpəliyə qaytardı və onun xəyalını uşaqlığın məs’ud günlərinə atdı. O, həzin bir səslə yavaşdan: – Eh, ana, – dedi, – dünyada sənin müqəddəsliyini tə’yin edə biləcək heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. İndiyə qədər nə şairlər, nə də ədiblər həqiqi bir ananı canlandıra bilmədi. Sənin öz övladına bəslədiyin sevgi və məhəbbəti dünyada heç bir şey əvəz edə bilmədi. Sən öz övladın üçün hər şeysən. Ən səmimi sevgilər, ən coşqun, saf məhəbbətlər və vicdani sədaqətlər ana kəlməsində olan həqiqi mə’nanı ifadə etməkdən acizdir. Baş həkim bu sözləri xəstənin dilindən eşidərkən kövrəldi, gözləri yaşardı. O, ağ xalatının cibindən çıxardığı yaylıqla gözlərini sildi və nəvazişkar bir surətdə xəstəyə müraciətlə: – İndi sizi təbrik edə bilərəm. Şükür olsun ki, səhhətiniz özünüzə qayıtdı. Bədəninizdə heç bir şikəstlik və illət hiss etməyəcəksiniz. İndi ananıza da salamatlıq məktubu yaza bilərsiniz, – dedikdə, yenə də yaralının dodaqları bir-birinə dəydi və baş həkim onu diqqətlə dinlərkən bu sözləri eşitdi: – Çox təəssüf ki, anam yoxdur. Baş həkim xəstənin bu sözlərindən daha da kədərləndi. Yenə də onun fikirlər yorğunu olan bəbəkləri göz yaşlarının içində üzməyə başladı. Baş həkim həyəcanlanmışdı, o, sel kimi axan göz yaşlarını da artıq gizlədə bilmirdi. Palatada yatanlar artıq onun səsinə qalxdı, o tərəfə baxmağa başladılar. Gənc mayor gözlərini açıb diqqətlə həkimin üzünə baxdı. Həkimin baxışları onun nəzərini bir daha özünə cəlb etdi. Onun vaxtından əvvəl ağarmış olan saçları xəstəni xeyli zaman düşündürdü. Onun alnında nəqş olunmuş dərin cizgilər gənclikdə keçirmiş olduğu qara günlərin kədərli və qəmli tarixini bildirirdi. Qadının gənclikdə gülməyən zərif dodaqları mərmər heykəllərin cansız və qansız dodaqlarını andırırdı... ...həkim – onun anası, mayor da onun oğlu idi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.