Maral Məmməd Səid Ordubadi (1872–1950) Maral (Beş pərdə, səkkiz şəkildən ibarət dram əsəri) Əsərdə iştirak edənlər Astiaq – Azərbaycan hökmdarı, 30 yaşlarında zəif iradəli bir adam. Maral – Onun bacısı, gözəl və məğrur bir qız, 20 yaşlarında. Fəramərz – Azərbaycan qəhrəmanı, 30 yaşlarında, Maralın aşiqi. Sərtac – Astiaqın vəziri, 35 yaşlarında, Maralın aşiqi, Aysoru casusu. Bəhmən – Qoca vəzir, 155 yaşında, vətənpərvər və ağıllı bir qoca. Şahmar – Sərtacın dostu, saray xidmətçisi, 40 yaşlarında. Qorxmaz – Fəramərzin əmisi oğlu, məşhur sərkərdə, 40 yaşında. Dönməz – Fəramərzin kiçik qardaşı, 25 yaşında. Çeyran – Saray kənizlərindən, gözəl qız, 20 yaşlarında. Haman – Aysoru dövlətinin Azərbaycan nümayəndəsi, 50 yaşlarında. Polad – Fəramərzin nökəri, 20 yaşlarında, lovğa bir gənc. Baş mə’bid – 60 yaşında bir ruhani. Behnaz – Astiaq padişahın birinci qadını, 20 yaşında. Şəhriyar – Behnazın qardaşı, cənub hökmdarı, 25 yaşında. Bəba – Aysoru şahzadəsi, Astiaq şahın 2-ci qadını, 20 yaşında. Dəmir – Saray xidmətçisi. Oxuyanlar və rəqqasələr. Döyüşçülər. Mə’bidlər. Saray qadınları. * * * Birinci pərdə Birinci şəkil Səhnə Kür çayının kənarında bir meşədir. Astiaq padşahın bacısı şahzadə Maralın şikarkahıdır. Silahlı nökərlər meşədə gəzənləri qovub çıxarırlar. Fəramərz Maral ilə görüşmək üçün meşəyə gəlir. Şahmar — A hey, tez çəkilin meşə qoruxdur, Burda dolanmağa icazə yoxdur! Dönməz — (Çıxır onun qarşısına) Padşahmı çıxır bugün şikara? Şahmar — (Acıqlanır) Nəyinə lazımdır, çəkil kənara! Dönməz — (Çox sakit bir surətdə) Bir sözü soruşmaq günah ki, deyil. Şahmar — (qamçını qaldırır) Hər söz hər ağıza yaraşmaz, çəkil! Dönməz — (qamçıdan tutur) Kişisən əlini yerində saxla. Şahmar — (təəccüblə) Əcəb rast gəlmişəm dil anlamaza. Dönməz — (gülür) Demək ki, rast gəlmiş qanmaz, qanmaza. Çox əsəbiləşmə, gəl otur görək. Şahmar — (Onun əlindən dartınır) Yəzdanı sevərsən yaxamdan əl çək, Buraq, indi gəlir şahzadə Maral. Dönməz — (Onu buraxır) Onda sən dayanma get! Salamat qal! Şahmar — Sən dəxi dayanma, çəkil, get burdan, Çox acıqlı qızdır, o gözəl şeytan. Bilsə yabançı var meşədə şəksiz, Onun qəzəbindən məhv olarıq biz. (gedir) Dönməz — Belə ha, mən ancaq bunu istərdim, İşlərim düzəldi, daha nə dərdim? Fəramərz — (Gəlir, çiynində gətirdiyi ceyran cəmdəyini bulağın başında yerə qoyur, Dönməzə) De görüm Maraldan nə xəbərin var? Dönməz — Bu günkü şikarın uğurlu şikar. Şikara çıxmışdır şahzadə Maral. Fəramərz — İmdadıma çatır deyəsən iqbal. Qarşıma çıxarsa burda şahzadə, Açaram qəlbimi o pərizadə. Nə qədər xoşbəxtəm bu təsadüfdən! Bu gün qızı görüb danışmasam mən — Bir daha onunla görüşmək müşkül. Yar gəlir, ey küskün arzularım, gül! Dönməz — (Fəramərzə) Daha nə əmrin var? Fəramərz — Burda dayanma, Poladı tapdırıb göndər yanıma. Siz məni bir qədər azad buraxın, Bir az ayıq olun, atlara baxın, Çalışın verməsin bir hadisə baş. Dönməz — Dönməz ölməmişdir, əmin ol, qardaş! (gedir). Fəramərz — (Tək qalır və Kür sahilinin gözəl təbiətini tamaşa edib danışır). Fəramərz — Mə’cüzləri təsvir edə bilsəydim əgər mən, Min şe’r yazardım bu tamaşalı səhərdən. Etsəydi bu sevdalı xəyalım mənə yardım, Hər mənzərədən bir yeni dastan yaradardım. Bilsəydi könül sirrini zümrüdlü yoxuşlar, Gülməzdi mənim eşqimə sevdazədə quşlar. Bir şairin ilhamına olsaydım həmahəng, Dünyalara şe’rimlə verərdim yeni bir rəng. Dilsiz meşənin sirrini etsəydim əhatə, Min tablo çəkərdim bu müəmmalı həyatə. Şahzadə Maralın şikar yoldaşları silahlı olaraq oxuya-oxuya gəlirlər. Fəramərz çəkilir ağacların arxasına. Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb, Hər daşının kölgəsində bir qaragöz ceyran yatıb. Kölgələnir gözəllərin al günəşin çətrində, Çimir gözəl gəlinlərin qızıl gülün ətirində. Göydən uçan durnaların karvan salır başın üstə, Kəkliklərin qaval çalır qərənfilli daşın üstə. Qızlar dəstə ilə gəlib keçir, Maralın yoldaşı Çeyran təpənin üstündə görünür. Fəramərz — (Çeyranın gözəlliyinə heyrət edir) Cilvələndi gözümdə xəyal pərisi yenə, Günəşmi şəfəq atmış güzgünün üzərinə? Bir şair xəyalımı varlığımı titrədən Nurdanmı yaranmışdır o pirəhən, o bədən? Ulduzlarmı kürrədən qopub yanıma düşdü? Torpağımız aylamı bir-birinə toqquşdu? Nədir mənim gözümü qamaşdıran bu rö’ya? Günəşin qoynunamı çəkilir qoca dünya? Bəlkə təsəvvürlərim nəzərimdə canlanır, Gözümün kiləsində nurdan bir məşəl yanır? Çeyran — (Təpənin başında durub Fəramərzə tamaşa edir) Nə qədər möhtəşəm baxışı vardır Bu nə yaraşıqdır, bu nə vüqardır? Tunçdanmı yaranmış o bədən, o əl? Kimin heykəlidir bu polad heykəl? İgidlik süzülür hər nəzərindən, Sanki qoparacaq dağı yerindən. Əcəb dilrübadır boyu, buxunu, Atsaydı havaya o bir oxunu, Tutardım havada kələbək kimi, Köksümə sançardım bir çiçək kimi. Çeyran yavaş-yavaş təpədən enən Fəramərzin yanına gəlir. Çeyran — Ay oğlan, burada nə axtarırsan? Fəramərz — Gözəl qız, nə üçün xəbər alırsan? Çeyran — İstərəm deyəm ki, meşə qoruxdur, Yəqin ki, fərmandan xəbərin yoxdur. Fəramərz — Fərmanı kim vermiş, söylə gözəl qız? Fərmandan xəbərdar deyiləm hərgiz. Çeyran — Adım gözəl deyil, sadə Çeyrandır. Fəramərz — Çox gözəl, de görüm o nə fərmandır? Çeyran — Bu yerlər Maralın şikarkahıdır, Özü də gözəllər padişahıdır. Şahzadə şikara çıxdığı zaman, Qalmasın meşədə gərək bir insan. Camalını görmək deyildir mümkün, Aya layiq gəlir, günəşə üstün. Çöhrəsi çiçəkdən daha təmizdir, Birçə eybi var ki, inadlı qızdır. Tavus quşu kimi yaraşıqlıdır, Sevməz kişiləri, çox acıqlıdır. Nə qədər yalvarsan eşitməyəcək, Fəramərz — (gülür) Demək ki, məni də məhv eləyəcək. Çeyran — Nə qədər gəlməmiş şahzadə Maral, Çıx, get! Fəramərz — Baxım görüm nə deyir iqbal. Çeyran — Çıx get, səni burda görməsin Şahmar. O da bir rəhmsiz, o da bir murdar. Çeyran gedir. Fəramərz onun dalınca baxır. Fəramərz — Nə qədər mehriban, nə qədər sadə! Mələkmi görünür mənə dünyadə?! Kimə müyəssərdir bu hüsni-surət? Mə’sum baxışından yağır ülviyyət. Mələkdir bir insan şəklinə girmiş, Günəşdən torpağa salam gətirmiş, Kimin sənətidir bu gözəl əndam? Təbiət nə qədər mahir bir rəssam! Şahzadə Maral şikar libasında olaraq qızların müşayiətilə gəlir, qızlar əvvəlki mahnını təkrar edirlər. Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb, Hər daşının kölgəsində bir qaragöz ceyran yatıb. Fəramərz — (Maralı görürkən) Ayın bacısıdır, günəşin qızı, Gözündən doğmuşdur Zöhrə ulduzu. Şikara çıxmışam şərəfli gündə, İqbal qanad çalır başım üstündə. Maral — (Fəramərzə yaxınlaşıb onu diqqətlə nəzərdən keçirir) Bu gün göndərmişdim meşəyə fərman, Demişdim gəzməsin burada insan. Nə üçün qəsd etdin öz həyatına, Saldın fərmanımı ayaq altına? Fəramərz — (Ona baş endirir) Ölümlə qorxutma, ölümlər məncə, Bir mübariz üçün sadə əyləncə. Ölümlə çox vurdum pəncə-pəncəyə, Adət eləmişəm bu əyləncəyə. Maral — Qoy qalsın özünə şöhrətin, adın, Mən dəxi deyiləm sadə bir qadın. Özünü bir bunca tə’rif eyləmə, Qız, qadın görəndə şa’nından demə. Nədəndir bilmirəm bu məğrur başlar, Qıza rast gələndə fəlsəfə başlar? Varından söz açar, gücündən deyər, Altun dağlarından söhbət eyləyər? Səndən söz soruşdum mənə cavab ver. Burda nə gəzirsən, qoruqdur bu yer?! Çeyran — (Marala) Yox imiş xəbəri haman fərmandan, İnsan bilə-bilə keçərmi candan? Maral — Özü çox məğrurdur, çox da dikbaşdır. Fəramərz — (Tə’zim edir) Hüzurunda duran bir vətəndaşdır. Mən bir yolçusuyam bu xoşbəxt yolun, Hələlik oturub qonağım olun. Bu körpə ceyranın ətindən bir şiş, Kabab çəkib yemək günah deyilmiş. Maral — Qoy qalsın özünə kababın, ətin, De görüm sən məni kimə bənzətdin? İndi igidlərə verərəm fərman, Qalmaz sümüyündən, ətindən nişan! Fəramərz — Bu sözlər yaraşmır o dodaqlara, Ölüm sözü hara, o dodaq hara? Həyat suyu axıt o dodaqlardan, Gülsün kainatın sən gülən zaman. Ölümdən qorxsaydım bura gəlməzdim, Ölüm səhrasında çox zaman gəzdim. Ceyran — (qızlara) Baxın kimdə vardır belə bir cür’ət, Ölüm bunun üçün sadə bir söhbət. Maral — (Fəramərzə diqqətlə baxandan sonra) Olma bir bu qədər gücünə məğrur, Səni diz çökməyə edərəm məcbur! Fəramərz — And olsun o gözə, o xətti-xala, Bu baş əyilməmiş bir kəsə hala. Atalar yanında əyilər bu baş, Bir də səcdəkahım o gözdür, o qaş. Şahmar — (səslənir) A hey, tez çəkilin, meşə qoruxdur, Burda dolanmağa icazə yoxdur. Şahmar Maralı və Fəramərzi görüb özünü itirir. Maral — (Şahmara açıqlanır) Çəkil, get buradan, qışqırma əbəs, Ehtiyatsız murdar, yerindir məhbəs! Kimdir bu yabançı?! Şahmar — Deyərəm bilsəm. Hərgiz tanımıram Yəzdanə qəsəm. Fəramərz — (Tə’zim edir) Yabançı deyiləm mən bu yerlərdə, Maral izləyirəm bu meşələrdə. Yabançı deyiləm, eşqə, sevgiyə, Çoxdan sərgəştəyəm bu gözəlliyə. Heç kəs inciməsin bu təsadüfdən, Bir təsadüf üçün bura gəldim mən. Maral — Heç kəsin kamınca oynamaz dövran, (daşları göstərir) Yaxşı bax, pəhləvan başıdır hər yan, İgidlər döşüdür dayandığın yer. Çox da lovğalanma, mənə qulaq ver! Dağ olsan bir zaman əyilər başın, Ağır ol, üstünlük fikrindən daşın! Fəramərz — (yenə də ona tə’zim edir) Bilirəm kamımca oynamaz dövran, Ancaq bir gün belə yaşasa insan, Üstün gəlməlidir öz həyatında, Yoxsa qalacaqdır ayaq altında, Bu hissi ehtiyac vermişdir bizə, Üstünlük üçündür hər mübarizə. Mübariz olmayan məhv olacaqdır. Ceyran — (kənarə) Bax nə kamallıdır, bax nə qoçaqdır! Ruhumu dindirir danışan dəmdə, Get-gedə yerləşir əksi sinəmdə. Maral — (Fikirli başını qaldırıb Fəramərzə baxır) Sür’ətlə gedərkən arxana dön bax, Səndən böyükləri yemiş bu torpaq. Çoxlar bu meydanda sürmüş atını, Qırmış bu ruzigar qol-qanadını. Qarşında duran daş sanma ki, daşdır, Onların hər biri məğrur bir başdır, Pəhləvan böyüdür gördüyün çamlar, Fəramərz — Gözəl qız, yersizdir belə eyhamlar. Doğrudur öləcək bu yaranmışlar. Onlar ki, dünyada ad qazanmışlar, Cismən məhv olsa da yaşayacaqdır, Ad qazanmayanlar məhv olacaqdır. Sən də bu dünyada çalış bir ad al, Hər kəs gözəl olsa desinlər maral. Maral — (Şahmara) Dayanma, ver xəbər, gəlsin igidlər, Bilmirəm bu azğın nə demək istər? Ceyran — (yalvarır) Şahzadə, məhv etmə bu vətəndaşı, Cəzalar yersizdir sevgiyə qarşı. Yalvarıram sənə ərzimi dinlə, Sevgiyə cavab ver təmiz sevginlə. Söylə nə qəzəbdir, söylə nə kindir? Günahkar sənin öz gözəlliyindir. Polad — (gəlir) Söylə nə əmrin var, möhtərəm sərdar? Fəramərz — Məndən soruşmağa nə ehtiyac var?! Odun hazır elə, kababları çək, Bir azdan igidlər qonaq gələcək. Bir süfrə düzəldək bulaq üstündə, Boş durmaq haramdır belə bir gündə. Polad — (şadlanır) Elə mən özüm də bunu istərdim, Kabab yeyəcəyəm daha nə dərdim!.. (gedir) Maral — (Fəramərzə) Sözümə cavab ver, kimsən, hardansan? Fəramərz — (baş endirir) Bərdə kəndlisiyəm, sadə bir insan. Maral — (gülür) Adını söylərdin əsil olsaydın, Hələlik kimliyin deyildir aydın. Fəramərz — Eşqinlə keçilməz hasarlar yıxdım, Babil qəl’əsinin bürcünə çıxdım. Aylarca yatmadım, enmədim atdan, Köhlən atı vurub keçdim Fəratdan. Nineva qəl’əsində tufan buraxdım, Arran bayrağını Dəclədə taxdım. Dönməz — (gəlir) Atlar dayanmışdır yəhər altında. Fəramərz — Mənim həyatımın xoş saatında, Dayanın bir qədər, nə tələsməkdir, Şikar qurtardımı, bu nə deməkdir?! Dönməz gedir. Maral — (Fəramərzə) Çox ovçu görmüşəm burda sənin tək, Çıxıb get buradan inaddan əl çək. Haradan qazandın bu zərbi şəsti Aləmin lovğası, xəyalpərəsti! Fəramərz — Sünbül saçlarını düşünən zaman, Saldım kəməndimə necə pəhləvan. Zövq aldı kamanım haman qaşlardan, Aman səsi gəldi məğrur başlardan. Kipriyin düşəndə yadıma hər an, Şimşəklər yaratdı bu ox, bu kaman. Maral — (qızlara müraciət edib gülür) Çıxmış qarşımıza bir kənd aşiqi Qızların hamısı gülür. Ceyran — Hər kəs olur-olsun var yaraşığı. Maral — (Fəramərzə) Bütün söhbətlərin bir əfsanədir, De görüm bunlardan məqsədin nədir? Fəramərz — Bütün həyatımı, eyşimi atdım, Sənin qardaşına ad-san yaratdım. Padişah vermədi mənə mükafat, Unudulmayacaq bu təhqir, heyhat! Maral — Nə kimi mükafat həvəsindəydin? Fəramərz — Qoy deyim, sazımın telinə dəydin. Maral — (yoldaşlarına) Demədim aşiqdir, söz toxuyandır? Ceyran — Hər kim olur-olsun gözəl oğlandır. Fəramərz — Bir maral izincə dolanıb gəzdim, Yorulmaq bilməzdim, ağrı bilməzdim. Lakin zəhmətlərim səmərsiz qaldı, Qardaşın elçimi boş yola saldı. Maral — Elçindən olmayıb xəbərim hərgiz Ad-sansız bir kəndçi sevə bilməz qız. Bu xəyal çoxların başında vardı, Kimlər bu arzudan xeyir apardı? Çoxlar məhv olmuşdur bu xam xəyaldan, Kam ala bilməmiş yenə Maraldan. Qəlbindən silib at bu düşüncəni, Tövbə et, məhv edər bu xəyal səni. Fəramərz — (gülür) «Sevgidən tövbə qıl», təzə bir xəyal! Bunun cavabını dəlilərdən al. Maralın çağırdığı igidlər gəlir. Maral — (igidlərə) Aparıb bu kəndçi cəzalandırın, Mənim kimliyimi buna qandırın! (Dəmirə) Dəmir, durma bunun qolunu bağla! Dəmir Fəramərzə yaxın gələrkən Polad ağacların dalından çıxır. Polad — Polad ölməmişdir, əlini saxla! Qolunu tut bura, boş haramzada! İgid görməmisən hələ dünyada! Dəmir Polada hücum edərkən Dönməz və başqaları ağacların arxasından çıxırlar. Maralın adamları onlara hücum edir. Dönməz — (Qılıncını çəkib irəli keçir) Silahlı tülkülər, çəkilin geri! Fəramərz — (Onlara) Deyil bu şikarkah vuruşma yeri! (hamısının əlindən qılıncları alıb Polada verir) Kababları çəkin, qonaqlar gəlmiş, Götür bunları da bəlkə azdır şiş. (Qılıncları atır Poladın tərəfinə) Maral — (Qılıncı çəkib Fəramərzə hücum edir) Məni bənzətməyin o qorxaqlara. Fəramərz — (Onun əlindən qılıncı alır) Qılıncsız vurursan qəlbimə yara! Mən bura gəlmədim bir düşmən kimi, Gəldim açıb deyim öz ürəyimi. Bu əsnada Fəramərzin əmisi oğlu Qorxmaz gəlir. Qorxmaz — (Marala) Möhtərəm şahzadə bu Fəramərzdir, Bu da qardaşıdır, igid Dönməzdir. Eşit nişan verim bu qəhrəmanı, Budur fəth eləyən Babilistanı. Bununla fəxr edir ölkəmiz Arran, Budur qəl’ələrin bürcünü yaran. Ceyran — (Sevinir) Nə gözəl təsadüf, nə tarixi gün!! Fəramərzi görmək olurmuş mümkün. Fəramərz — (Marala baş endirib qılıncı özünə qaytarır) Qılıncsız da sənə oluram təslim, Gəldim dost yolunda qurban kəsilim. Maral — (Fəramərzə) Adınla, sanınla maraqlanırdım, İgid olduğuna çox inanırdım. Olmuşdur bu yurda böyük xidmətin, Lakin çox yersizdir son hərəkətin. Nə qədər yüksəkdir eşqin tələbi, O qədər möhkəmdir bu qızın qəlbi. Qəhrəman da olsan, igid də olsan, Sevgi qarşısında ağlayacaqsan. Maral qızlara qoşulub gedir, qızlar əvvəlki mahnını təkrar edirlər. Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb, Hər daşının kölgəsində bir qara göz ceyran yatıb. Kölgələnir gözəllərin al günəşin çətirində, Çimir gözəl gəlinlərin qızıl gülün ətirində Fəramərz — (Maralın dalınca baxıb gülür) Sevgin məni güldürməsə də ağlada bilməz, Səhv etmə, Fəramərz o tərəzidə çəkilməz. Gedir. Ceyran — (Fəramərzin dalınca) Sevirsən, min kərə təhqir edilsən, Haman tərəzidə çəkiləcəksən. Pərdə * * * İkinci pərdə İkinci şəkil Astiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır. Sərtac — İki şeydir məni maraqlandıran, Birisi Maraldır, o biri Arran. Maral cavahirdən çox qiymətlidir, Arransa zəngindir, bərəkətlidir. Dünya göz tikmişdir bu xəzinəyə, Bir də ki, Maralla evlənim — deyə, Çoxlar bu ölkəyə atını sürmüş, Minlərcə ehtiras bura yükürmüş. Çoxlar Maral deyib xəyala daldı, Çoxların arzusu könüldə qaldı. Şahlar, hökmdarlar boş gəlib getdi, Çoxlar Maral üçün ordu yeritdi. Maral, Maral deyə qanlar töküldü, Axırda Sərtacın iqbalı güldü. Bütün sevgilərə törətdim əngəl, Qoymaram Marala toxunsun yad əl. Şahmar — (Daxil olub o tərəf, bu tərəfi gözdən keçirir) Möhtərəm ağamız, təzə bir xəbər! Sərtac — Çox yavaşdan danış, həm də müxtəsər. Saray təbiəti başqadır Şahmar, Burda əlli qulaq, əlli də göz var. Gözətçi qoyulmuş bu göz o gözə, Yüz mə’na taxılır sadə bir sözə. Hər kəsdə yüz sima, yüz əqidə var. Şahmar — Ağam, girə bilər hər dona Şahmar. Sərtac — Macəranı sevir burada hər kəs, Macəran yoxdursa danışma əbəs. Şahmar — Macəra yaratmaq gözlərim ustə! Məndən fitnə istə, macəra istə. Sərtac — De görüm baş vermiş nə qəribə hal? Şahmar — Şikara çıxmışdı şahzadə Maral, Fəramərz də gəldi dünən meşəyə Şahzadə Maralı sevirəm, — deyə. Etdilər meşədə çox uzun söhbət, Nəticəsiz qaldı haman məhəbbət. Sərtac — (Sevinir) Afərin! Bu xəbər gözəl xəbərdir, Lakin bu həqiqət başqa təhərdir. Kiçik hadisədir bu dediklərin, Mə’naca böyükdür, özü də dərin. Bizdən asılıdır onu böyütmək. Şahmar — Bunu anlamadım, söylə nə etmək? Sərtac — Hadisələr bu cür baş verir Şahmar, Böyüdüb kiçildir onu sənətkar. Burda var milçəkdən fil düzəldənlər, Bə’zən də filləri milçək edənlər. Zahirə aldanma, həqiqətə bax, Meşədə düzəltmiş onlar yığıncaq. Tac-taxt söhbəti etmişdir onlar, Sui-qəsd düzəldir şaha mə’lunlar. Bildin ki? Şahmar — Anladım məqsədin nədir. Sərtac — Gözəl macəradır, əcəb fitnədir. Daha kim var idi saray xalqından? Şahmar — Coşqun danışırdı orada Ceyran. Sərtac — Daha kim var idi, unutdun bəlkə? Şahmar — İştirak edirdi orda məlikə. Sərtac — Yenə də unutdun, düşün bir daha. Şahmar — Sui-qəsd hazırlar məlikə şaha. Məlikə sevmirmiş şahı nədənsə, Yoldan çıxarmışmı onu bir kimsə? Sərtac — Afərin, varındır böyük məharət. Boyuna biçilmiş bu gözəl sənət. Şahmar — Az-çox hünərim var mənim bu işdə, «Fəsad» deyərdilər mənə keçmişdə. Sərtac — Bir qədər işləsən gizlin sənətdə, Dövlət qazanarsan belə xidmətdə. Şahmar — Mənə verdiyin pul boş yerə getməz, İnan yaxşılığın yanımda itməz. Sərtac — Sən özün çox gözəl verdin imtahan, Çağır gəlsin görüm nə deyir Ceyran? Söyləmə nə üçün edirəm də’vət. Şahmar — Bir şey verəcəkmi mənə bu xidmət?! Sərtac — Zəfər qazanacaq bu gözəl birlik. Şah olsam verərəm sənə vəzirlik. Şahmar — (gülür) Vəzirlik söhbəti nisyə bir işdir, Bu cür və’dələrin vaxtı keçmişdir. Sərtac — (bir kisə qızıl verir) Al, yetər hələlik sənə bir kisə! Şahmar — (baş endirib gedir) Mən edən xidməti etməz bir kimsə. Sərtac — (tək qalır) Ceyran təklifimi qəbul eylərsə, Razılıq verərsə bu günkü dərsə, Bu gün həll olunar bütün məsələ, Şahı bir kos kimi alaram ələ. Şah öz qadınını qovar saraydan, Onu evləndirrəm aysorilərdən. Ondan sonra çatar Marala növbət, Ona evlənərəm, gülər məhəbbət. Şahmar — (gəlir) Ağam, müntəzirdir hüzura Ceyran. Sərtac — Onu burax gəlsin, özün də dayan! Ceyran daxil olub Sərtaca baş endirir. Sərtac — Şahın mərhəmətindən daşa-qaşa büründün, Qumaşlarla bəzəndin, tavus quşuna döndün. Əyninə don geyirsən Şirvan ipəklərindən, Göz qamaşır donunun altun pərəklərindən. Gözəllikdə ən böyük gözəlləri izlədin, Bəs nə üçün dünənki xəyanəti gizlədin? Ceyran — (Həyəcanla) Hansı xəyanəti gizlədim, aman, Bəndənə kömək ver ey böyük Yəzdan! Xilas elə bizi əhrimənlərdən, Kəsmə himayəni yazıq bəşərdən. Sərtac — (nəsihət verir) Xeyrə çalışıram, olma çox sərkəş, Bəlkə unutmusan, yaxşı fikirləş! Söylə! Yığıncaqda nə danışıldı? Hansı məsələdən söhbət açıldı?! Ceyran — (yalvarır) Rəhm et, olmamışdır belə yığıncaq. Sərtac — Hər sözü eşitməz, qızım, hər qulaq. Çətindir hər işi görüb eşitmək, Təbiət belədir, qızım, nə etmək?! Qulaq ver, bilmirsən mən deyim öyrən. Meşədə olmusan bir gün əvvəl sən. Ceyran — Tək mən olmamışam, Maral da olmuş. Sərtac — İşə buradan da əsas qoyulmuş. Maral Fəramərzlə görüşə getmiş, Şahın qadını da iştirak etmiş. Fəramərz Arranda olacaqdır şah. Ceyran — Bu nə iftiradır, anlamıram ah! Tövbə, necə söylər yalanı insan? Söylə nə üçündür bu qara bühtan? Olmamış meşədə heç bir danışıq. Sərtac — Yalan danışırsan, özü də açıq! Ceyran — Fəramərz Maralla görüşən zaman, Eyləmişdir ona eşqini e’lan. Olmamış meşədə məlikə hərgiz, Sərtac — Nə xəta törətdin, ey ağılsız qız?! Şahı öldürməyi öhdənə aldın, Ağılsız başını əngələ saldın. Fəramərz şah olur, Maral məlikə, Qalır sənin üçün quru təhlükə. Ceyran — (Şahmara) Sən ki, oradaydın, niyə dinmirsən? Şahmar — Göyə də çıxasan, yerə də girsən, Gizlədə bilməzsən bu həqiqəti. Ceyran — Gözünə toxunsun haqqın lə’nəti! Bu nə xəyanətdir, bu nə bühtandır?! Şahmar — (Sərtaca) Daha sözüm yoxdur, gəl bunu qandır! Sərtac — (Ceyrana) Girmədi başına bu nəsihətlər, Çıx get! Bu inadın səni məhv elər. Şahmar və Ceyran gedir. Sərtac — (Ceyranın dalınca) Nə qədər sadədir, nə qədər nadan, Bilmir ki, sarayda haramdır vicdan. Anlamaz kənizin əqlinə bir bax. Şeytan yuvasında iman saxlamaq. (gülür) Fəlakət gətirər sədaqət bə’zən, Ağıl olan kimsə eyləməsin e’lan, Oğrular içində yaşasın düzlük, Düzlüyün özü də insana bir yük. Astiaq — (danışa-danışa gəlir) Sağımda iğtişaş, solumda üsyan, Hər tərəfdə qırğın, dizə çıxır qan. Akadlar, askitlər qaldırıbdır baş, Mən doğulmayaydım anadan ey kaş. Ey tanrı, bu bəndən köməyə möhtac, Yoxsa mənim deyil başımdakı tac? Daşdan daşa çırpır bu həyat məni, Necə məğlub görüm qalib ölkəni? Sərtac — Üsyan xəbərini məndən xəbər al Bunları düzəldir şahzadə Maral. Astiaq — Təhlükə qoynunda yaşayıram mən, Sarayda hakimdir yoxsa Əhrimən? Saray başdan-başa kədərdir, qəmdir, Səfalı cənnətim bir cəhənnəmdir. Zərdüştün lə’nəti mənə toxundu, Tacım bir od olub başıma qondu. Bir yoxsul olsaydım, yaşasaydım ac, Əzməzdi başımı mənim mə’lun tac. Saxlamaq müşküldür, əl çəkmək çətin, Bir sonu yoxdurmu bu əziyyətin?! (Sərtaca) Bacım nə istəyir? Sərtac — Qoy deyim bir-bir, İnan hökmdarım sadiqdir vəzir. Astiaq — Sədaqət qoy qalsın, nədir o xəbər? Sərtac — Xəbərin məzmunu, qısa, müxtəsər: Meşədə düzəlmiş geniş yığıncaq Təfsilən bilmirəm bunu mən ancaq, Şahmar bu xəbəri bilir təfsilən, Ayıq ol, səltənət getməsin əldən. Astiaq — Bir az açıq danış, anlamadım, ah! Sərtac — Fəramərz Arranda olacaqdır şah. Astiaq — Çağır gəlsin görüm nə deyir Şahmar. Sərtac — İtaətim vardır böyük hökmdar! (gedir) Astiaq — (öz-özünə) Maral doğma bacımdır, hər kəsdən mənə yaxın. O da mənim düşmənim, iqbalıma bir baxın. Hər tərəfim düşməndir, hər yanım da qorxudur, Bu həyat mənim üçün bir qorxulu yuxudur. Taxtım müdhiş bir məzar, saray qorxulu məhbəs. Böyük Yəzdan nədir bu, eşitdiyim qara səs? Sərtac — (Şahmarla bərabər gəlir) Hər nə ki, görmüsən danış yerbəyer, Artıq əksiyinə yaxşı diqqət ver. Gördüyünü danış kəlməbəkəlmə Həqiqəti söylə, üstünə gəlmə! Çalış bir kimsəyə iftira demə, Vicdan məhkəməsi ağır məhkəmə. Qəlbindən qərəzi, kini təmizlə, Zərdüşt göstərdiyi yolları izlə! Şahmar — (hökmdara təzim edir) Sadiq nökərinəm hökmdar, inan! Ömrümdə gəlməmiş dilimə yalan. Yoxdur kimsə ilə qəsdim, qərəzim — İnan səmimidir sənə bu ərzim. Astiaq — (hövsələsi tənk bir halda) Sözü qısa danış, uzatma ancaq. Şahmar — (baş endirir) Meşədə var idi dünən yığıncaq, Yığıncaqda olan sərkərdələrdi, Hər kəs Fəramərzi təbrik elərdi. Sərtac — (kənara) Bir baxın düşmənlər nə hiylə qurdu, Kimə qismət olur Fərhadın yurdu. Vicdanı, namusu, arı atdılar, Tacı kimdən alıb kimə satdılar. Astiaq — (həyəcanla) Daha nə eşitdin? Sərtac — (Şahmara) Çəkinmə hərgiz. Şahmar — Kəskin danışırdı orda iki qız. Astiaq — (tələsik) Qızlar kim idi? Şahmar — Ceyran və Maral. Astiaq — Bir xəyal da olsa müdhiş bir xəyal! Daha kim var idi? Sərtac — (kənara) Böyük təhlükə! Şahmar — (Baş endirir) Ancaq bunlar idi, bir də məlikə. Ceyran verməlidir zəhəri şaha Astiaq — (İşarə edib Şahmarı dayandırır) Danışma, ürəyim partlayır daha. Sərtac — (Şahmara) Danışma bir kəsə dediklərini. Bir kimsə bilməsin bu xəbərini. Astiaq — (açıqla baxır) Vuraram Fəramərzə bir sağalmaz yara mən, Çəkdirərəm bacımı saçlarından dara mən. Dayanma daha Şahmar çağır gəlsin bacımı, Görüm kimlərə satır mənim taxtı-tacımı. Aman bu nə xəyaldır, düşür ruhuma lərzə, Gedib mənim adımdan xəbər ver Fəramərzə. Silah götürüb gəlsin, sığınaq burda baxta Hər kəs qalib gələrsə o da otursun taxta, Gətirsinlər yanıma Ceyranı döyə-döyə! Sərtac — İnanmıram həyasız doğrusunu söyləyə. Astiaq — Qovaram sarayımdan o xain məlikəni Nə qədər ki, mən sağam, sata bilməz ölkəni, Sərtac — Tələsməyin, bir qədər səbr eləyin hökmdar, Üsyanı boğmaq üçün ancaq iki çarə var. Askitlərin hərbinə Fəramərzi göndərin, O səfər daha müdhiş, o məzar daha dərin. Astiaq — Getməz daha Fəramərz o qorxulu səfərə, Maral sənindir deyə, aldatdım neçə kərə. Sərtac — Getməzsə kömək istə şahım aysorulardan, Üsyan dayanmayacaq tökülməsə burda qan. Astiaq — Qoy öz xalqım başımı kəsib nizəyə taxsın, Meyidimi qurdlara, köpəklərə buraxsın, Lakin yabançı ordu at sürməsin Arrana Yadlara əzdirmərəm xalqımı qana-qana. Sərtac — Bu qorxulu xəbərlər gərək gizlində qala, Bu barədə bir kəlmə danışmayın Marala. Astiaq — Bu tədbirlər yaramaz, çağır Bəhməni, Sərtac! Tacı saxlamaq üçün o tapar mənə əlac. Sərtac — (gülür) Yüz əlli beş yaşı var, Bəhməndə nə qalmışdır? Şahım, onun fikri də, əqli də qocalmışdır. İnanma köhnə başda təzə fikir yerləşə, Bir qoca nə eyləsin bu qanlı keşmə-keşə? Astiaq — Bəhmən Fərhad dövrünün ən məşhur vəziridir, Qocalsa da, ölsə də tədbirləri diridir. Yanılma! O qocada dərin təcrübə vardır, Siyasətdə uduzmaz ən böyük sənətkardır. Sərtac — Bu gün-sabah ölkədə böyük tufan qopacaq Biz bu günün özündə gərək sərhədi açaq. Astiaq — (açıqlanır) Danışma, əmr edirəm, gedib Bəhməni çağır! (Öz-özünə) Təxtim nə qədər müdhiş, tacım nə qədər ağır. (gedir, səhnə boş qalır) Ceyran — (Dəmirlə bərabər gəlir) Durma, Fəramərzə tez apar xəbər Saraya gəlməsin öldürəcəklər. Söylə bir macəra düzəltmiş Sərtac Nə qədər gec deyil bu ölkədən qaç. Tez get, bu xəbəri təxirə salma! Dəmir — (sür’ətlə gedərkən) Bu saat gedirəm, nigaran qalma! Ceyran — (tək qalır, başını sarayın divarına söykəyib dayanır) Xoşbəxt sayılardım onunla bir gün, Oturub danışmaq olsaydı mümkün. Açardım qəlbimi o qəhrəmana, Alardı buradan məni bir yana. Bu qorxunc saraydan olardım azad, Onu sevə-sevə ömr edərdim şad. Mən də xoş gün görüb, mən də gülərdim, O məni sevsəydi daha nə dərdim. (gəlib güzgüyə baxır) Mən ondan gözələm, lakin nə fayda. Kəniz səsləyirlər məni sarayda. Şahmar — (iki nəfərlə daxil olur) Bağlayın bu xain qızın qolunu, Durmayın aparın zindana bunu! Ceyran — (qollarını irəli tutur) Bağlayın, nə etsin köməksiz bir qız Siz bunun üçün də yaranmışsınız. Aparırlar. Sərtac — (Pərdənin dalından çıxır) Saraylar qan sevir, siyasət qurban, Saatda bir dona girməsə insan — Həyat sürə bilməz sarayda rahət. Fəlakət gətirir bəzən sədaqət. Astiaqın səsi gəlir, Sərtac keçir pərdənin dalına Astiaq — (Qadını Behnaza) Sənin qədəminlə gülmədi bəxtim, Təhlükə altında qalıbdır təxtim, Nələr çəkməmişəm sən gələn gündən, Görmüşəm min kədər kədər üstündən. Rəftarın, göftarın məni qılmaz şad, Düzəltdin nəhayət sarayda fəsad. Nə yamanlıq gördün bu hökmüranda, İştirak elədin gizli üsyanda? Sənə evlənmişəm mən sevə-sevə Sən də məni sevib gəldin bu evə. İndi danış görüm nədir bu üsyan? Verdin öz ərinin qətlinə fərman. Behnaz — (təəccüblə) Nədir bu macəra, nədir bu fitnə, Kimin sənətidir bu böhtan yenə? Sevirəm səni mən ürəkdən, candan, İnan xəbərim yox, gizli üsyandan. Şadlığınla şadam, qəminlə qəmgin, Yoxdur sənə qarşı ürəyimdə kin. Bir qədər fikirləş, nədir bu təhqir? Bu açıq macəra, bu qara tədbir— Böyük fəlakətin zəminəsidir, Fəlakət səsidir, ölüm səsidir. Bir qədər zəifdir sənin iradən. Astiaq — Dostumu çox gözəl tanıyıram mən, Şad etmədi səni bu var, bu dövlət, Taparsan özünə cənubda rahət. Qiymət verməmisən bu daş-bu qaşa Çıxıb get bir qədər cənubda yaşa. Behnaz — Daş-qaşa vermirəm o qədər qiymət, Gətirmiş bu evə məni məhəbbət. Gedirəm, özünə qalsın daş-qaşın. (gedir). Astiaq — (Onun dalınca) Xain fikirlərlə doludur başın. Sərtac — (pərdənin dalından çıxır) Şahlığa məxsusdur belə iradə, Deyildir iradən, tədbirin sadə. Əgər istəyirsən böyüsün ölkən, Aysori şahının qızına evlən. Təkcə bir qızı var, yoxdur varisi Ölürsə qalacaq şahıma irsi. Qızına da söz yox hüsn-camalda, Kamala çatmışdır bu qız kamalda. Sərtac Aysori padşahının qızı Bebanın ipək üzərində çəkilmiş şəklini göstərir. Astiaq — (Şəklə diqqətlə baxır) Çox gözəl tədbirdir bu təzə tədbir. Sərtac — (rəsmi lazımınca göstərir) Bu hüsn-camala yaxşı baxın bir. Bu qız bir afətdir Babilistanda, Böylə gül tapılmaz heç gülüstanda. Dəclənin qoynunda doğulmuş bu qız, Gözündə parlayır şəfəqli ulduz. İraq keçəsidir qara saçları, Dərs almış boyundan sərv ağacları. Ləbləri çiçəkdir, nəfəsi ətir, Şahım, bu alması saraya gətir. Astiaq — (diqqətlə baxır) Behnazdan gözəldir yaraşığında. Sərtac — Sanki süd qoyulmuş ay işığında. Bax nəyi anladır şahənə qaşı, Bir cüt qılınc vurub günəşə qarşı. Zərrəcə eybi yox boy-buxununda, Çox şahlar can qoymuş onun yolunda. Hüsndə misli yox, camalda təkdir, Siyasət işində sənə köməkdir. Astiaq — Sabahdan düzəldin böyük bir hey’ət Qızın atasına göndərin xəl’ət. O razılıq versə bu izdivaca, Olacaqdır bizim başımız uca. Sərtac — Məlikən nə olsun?! Astiaq — Orası asan, Gərək bu gün onu yola salasan. (gedir) Sərtac — (Onun dalınca) Bu gün məlikəni qovub yola sal, Sabah döyüşəcək cənubla şimal. Pərdə Üçüncü şəkil Astiaq padşahın toy məclisidir. Qızlar və mö’bidlər dua oxuyurlar. Şah öz ə’yanları və baş mö’bidləri ilə daxil olur. Məclisin bir tərəfində od yanır. Mö’bidlər və qızlar — Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından, Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan. Müqəddəs od, öz nurunla yandır şər’in qanatını, Böyük Hörmüzd, işıqlandır insanların həyatını. Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç, İnsanların ürəyindən behiştə bir pəncərə aç. Dua qurtarır, hamı oda səcdə edib qalxır. Qızlar odun ətrafında müqəddəs rəqs ifa edirlər. Rəqsdən sonra baş mö’bid odun qarşısına pərdə salır. Astiaq — (məclisi gözdən keçirib vəziri Sərtacdan soruşur): Kimdir bu gələnlər?! Sərtac — Bəli hökmdar, Arran ə’yanıdır sağda duranlar, Sol tərəfdəkilər gəlmiş cənubdan, Ekbatandan gəlmiş beş nəfər ə’yan. Astiaq — Bərdədən kim gəlmiş, hanı Fəramərz? Sərtac — Də’vət edilmişdir, nədənsə gəlməz, Oddan üz çevirmiş öz həyatında, Deyildir o sənin hökmün altında. Astiaq — Fəramərz sevmirsə sevməsin məni, Düşmənim də olsa sevir vətəni. Bəhməni görmürəm, Sərtac — Edilmiş də’vət. Gəlməmiş, aydındır mənə həqiqət. Fəramərz, Qorxmaz və Dönməz öz adamları ilə daxil olub otururlar. Astiaq — (qalxıb danışır) Bu müqəddəs torpağı tapşırıb bizə Yəzdan, Doğruluq, qəhrəmanlıq mirasdır babamızdan. Yaxşılıqla tanınmış Zərdüştün qoca yurdu, Bununla da babamız Arran taxtını qurdu. Təmiz qanla açıram mən öz qəlbimi sizə, Bir məlikə lazımdır bizim bu ölkəmizə. Böylə qərar vermişdir Hörmüzdün iradəsi, Olsun mənim məlikəm Aysoru şahzadəsi. Bu qohumluq xalqıma səadət verə bəlkə, Bir də böyük vətənim hiss etməsin təhlükə. Qadınlar, qızlar Astiaqın təzə məlikəsi Bebanı daxil edirlər. Mö’bidlər və qızlar əvvəlki duanı oxuyurlar. Baş mö’bid müqəddəs odun qarşısına salınan pərdəni götürür. Qızlar və mö’bidlər — Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından, Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan. Müqəddəs od, öz nurunla yandır şər’in qanatını, Böyük Hörmüzd, işıqlandır insanların həyatını. Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç, İnsanların ürəyindən behiştə bir pəncərə aç. Qızlar müqəddəs rəqsi bitirdikdən sonra məlikəni Astiaqın taxtı ilə yan-yana qoyulan kürsünün üstündə əyləşdirirlər. Məclisdə olanlardan heç birisi məlikəyə tə’zim etmir, Astiaq çıxılmaz bir vəziyyətdə qalır. Sərtac — (qalxır) Hər kəsin alnından oxunur şadlıq, Yenidən xalqımız tapır azadlıq. Süzülür gözlərdən dərin bir sevinc, Məmləkət bununla yaşayacaq dinc. Basqın olmayacaq Dəclədən Kürə, Xalq əzilməyəcək göz görə-görə. Dostluq yaradacaq təzə izdivac, Hərbə qalmayacaq bir də ehtiyac. Ürəkdən razıyıq bu izdivaca, Layiqdir məlikə bu təxti-taca. Məclisdə olanlar bu sözlərə e’tina etmir, hamı Fəramərzin tərəfinə baxır. Fəramərz — (qalxır) Məmləkətin adından danışmaq daha bəsdir, Mənçə Arran xalqını iğfal etmək əbəsdir. Verməz bu izdivaclar Arran xalqına şadlıq. Siz dünənki düşməndən gözləməyin azadlıq. O daş-qaşa bürünən sanmayın məlikədir, Arran taxtına düşən bir silinməz ləkədir. Astiaq — (Acıqlı) Fəramərz bu nə sözdür? Dediklərindən utan! Nə üçün söyləyirsən qayınatama böhtan?! Qəhrəmansan bilirəm, qılıncdan, oxdan danış, Siyasət işlərilə deyilsən hələ tanış. Fəramərz — Siyasətlə tanışam, bu təntənən, bu toyun, Sərtacın düzəltdiyi ən qorxulu bir oyun. Lakin qazanmayacaq vəzirin bu al-verdə, Böyük Fərhadın qanı qalmayacaqdır yerdə. Şahım, Aysorilərdən almayınca intiqam, Yəzdana and içirəm sakit olmayacağam. Sərtac — (Fəramərzə) Nəzakət yaxşı şeydir, nə təntənə, nə oyun? Dövlət üçün böyük bir mə’nası var bu toyun! İttifaqa girirlər böyük, kiçik dövlətlər, Bir-birinə qoşulur ölkələr, məmləkətlər. Biz qalırıq ortada nunun nöqtəsi kimi. Astiaq — (məclisə) Ey mənim ə’yanlarım, anlayın niyyətimi. Gizlin siyasət yoxdur başladığım işlərdə, Xalqımız yorulmuşdur bu uzun döyüşlərdə. Gərək dinçini alsın bir qədər Arran atı, Zəfər qartallarının dinçəlsin qol-qanatı. Siyasət tələb edir bir qədər qalın dinçə, Kamanları bərkidin, sığal verin qılınca. Fəramərz — Döyüş sənətkarları evində yaşamaz dinc, Tez paslanar, hökmdar, qınında qalsa qılınc. Gərək yəhər altında dursun Arran atları, Pərvaz etməsə qartal süstləşər qanatları. Beba — (Qalxıb danışır) Vaxt ikən bu həqarət düzəlmiş bizim üçün, Gələcək yenə bir gün günəş atəşə üstün. Təhqirlə qarşılandı gətirdiyim azadlıq, Təqdir edilməmişdir sizə verdiyim şadlıq. Fəramərz — Bu da bir təzə xəbər, əsirlikdə azadlıq! Heç kəsə lazım deyil gətirdiyin bu şadlıq. Astiaq — (Qışqırır) Bağlayın qollarını, kəsin bunun səsini, Bir daha hüzurumda çıxarmasın səsini! Qoşun sərkərdələri yerlərindən hərəkət edərkən Fəramərz, qardaşı Dönməz, əmisi oğlanları Qorxmaz və sairlər qılınclarını qınından çıxarırlar. Qızlar təzə gəlini götürüb gedirlər, Sərtac qaçır. Fəramərz — (Astiaqa) Nə qədər var qılıncım, bağlanmayacaq bu qol, Hökmdarım, indi sən, öz qolundan ayıq ol! Satılmayacaq vətən nə qədər var nəfəsim, Qaldıracaq ayağa, Arran xalqını səsim. «Atlan» desəm dolacaq at belinə arranlı, Mən xalqımın dostuyam, deyiləm əli qanlı. Astiaq — Əmr edirəm, Fəramərz, tax qılıncı qınına! Fəramərz — Çoxlar çıxıb sınaqdan, sən də baxtını sına! Maral — (Gəlib qılıncı Fəramərzin əlində görür) Bu saray sənin üçün döyüş meydanı deyil. Maral sənə əmr edir, Fəramərz, geri çəkil! Fərhadın nəvəsiyik, aciz sanmayın bizi, Saraydan dişarı çıx sınayaq bəxtimizi. Fəramərz — Xalq adından deyirəm, lakin tək bir nəfərəm, Lazım gəlirsə bu gün qılıncımı çəkərəm. Saray quldurlarını yıxaram təməlindən Öz xalqımı alaram sərtacların əlindən. Çətindir böyük xalqı ayaq altına salmaq, Baxın, nə qədər gülünc, ölkə verib qız almaq. Fəramərz qılıncı yerinə taxır, Marala baş endirib gedir Astiaq — (Ə’yanlara) Ə’yanlar, siz də gedin, məni rahat buraxın, Böyük Hörmüzd kömək ver, boğur məni bu axın. Sal müqəddəs nurunu əhrimənləri yandır, Ey yaxşılıq tanrısı, bu üsyanı dayandır! Maral — (padşaha) İradəsiz hökmdar, iradəsiz padişah! Olmasaydın sən mənim doğma qardaşım hərkah, Mən də silah götürüb üsyana qoşulardım. Müqəddəslər yığılıb etsə də sənə yardım, İnan, qardaş, yenə də sönməyəcək bu üsyan, Çünki bu üsyanları sən özün yaradırsan. Astiaq — Sənin dediklərin də mənə böyük yaradır, Bacım, sən anlamırsan üsyanı kim yaradır. Verməmişəm səni mən elə bir rəiyyətə, Gözəlliyindir səbəb bu günkü fəlakətə. Bədbəxtəm, dərdlərimdən deyilsən mənim agah, Sənin üstündə küsmüş məndən necə padişah. Maral — Səhv etmə! Fəramərzin yox üsyandan xəbəri, Vəzirindir yaradan bütün keşmə-keşləri. Astiaq — Vəzirim xain deyil, nə etsin sevir səni. Maral — Onun e’tirafıdır yaradan bu fitnəni. Astiaq — Fəramərz məhv olsa da çəkməyəcək səndən əl. Maral — Onu rədd eləsəm də törətməz sənə ənkəl. O deyir yad bir qıza satma bizim ölkəni, Get gətir sarayına öz keçən məlikəni. Astiaq — Gətirrəm məlikəni, lakin bir çətinlik var, Maral — Nə çətinlik de görüm? Astiaq — Səni istər Şəhriyar. Maral — Dünya qurulmamışdır tək Maralın üstündə, Nə üçün bir hərisə satırsan məni gündə? Məni gah Fəramərzə, gah Sərtaca verirsən. Maral sənindir — deyə cəbhəyə göndərirsən. İndi də Şəhriyardır yer tutan nəzərində, Siyasətlər qurulmaz bir qızın üzərində. Astiaq — Şəhriyara verərəm, taxtı var, tacı vardır. Maral — Taxtı-tacı da olsa, aciz bir hökmdardır. Bir iradə görmədim nə onda, nə də səndə, İki aciz hökmdar, Fərhadın ölkəsində, Hökmüranlıq edərmiş... Astiaq — Danışma daha bəsdir! Şəhriyara gedirsən, e’tirazın əbəsdir. Maral və Astiaq gedir, Sərtac başını pərdədən çıxarıb məclisə baxır. Sərtac — Şəhriyarı buradan qovmuşam necə kərə, Yenə də qovacağam, şahzadə getməz ərə. Şahmar — (gəlir) Sizi görmək istər nümayəndələr. Sərtac — Gəlsinlər! Bəhmənə verdinmi xəbər? Şahmar — Bəli, verdim xəbər. Sərtac — Gedə bilərsən. Şahmar — (gedir) İndi gəlsin görüm nə deyir Bəhmən. Şahmat taxtasıdır bu günkü həyat, Çox şahlar səhnədə qalacaqdır mat. Siyasət ən böyük sənətkarlıqdır, Hər kəsdə bu sənət bir az artıqdır Şahmat səhnəsini o pozacaqdır, Siyasət bilməyən uduzacaqdır. Nümayəndələr daxil olurlar. Haman — Biz yola düşürük möhtərəm vəzir, Dostlarına görə fərmanın nədir? Sərtac — Məndən padişaha aparın salam, Onun hər əmrinə vermişəm əncam. Tufan qoparmışam Azərbaycanda, Hər tərəf od tutub yanır üsyanda. Arran məmləkəti dəymiş bir-birə, Fəramərz qoyubdur silahı yerə. Doğrudur, xalq üçün vətən əzizdir, Ordu çox olsa da sərkərdəsizdir. Padişah Bebanı geri qaytardı, Sarayda belə bir düşüncə vardı: Şimala qayıtsın dubarə Behnaz O qayıtmış olsa ixtilaf qalmaz. Padişah istərsə məqsədə varsın Behnazı cənubdan alıb aparsın. Nümayəndələr vidalaşıb gedirlər. Bəhmən — (Daxil olur, Sərtac onu hörmətlə qarşılayır) Hanı bəs hökmdar? Sərtac — Gələr bu saat. Əyləşin bir qədər burada rahət. (Onun qolundan tutub əyləşdirir) Bəhmən — Qocalıq, yorğunluq adi bir işdir, Fikir yorğunluğu daha müdhişdir. Hökmdar çox gəncdir, düşmənsə namərd, Bizdə ittifaq yox, bu da böyük dərd. Milli qürurumuz ayaq altında, Hər kəs laqeyddir öz həyatında. Başlar, əqidələr, rə’ylər müxtəlif, Hər şeydə bir boya, hər şeydə təhrif. Vicdan məhkəməsi düşübdür gücdən, Hər kəs vicdanını satır bir ucdan. Yalançı deyirlər doğru danışsan, Xalq səni anlamaz xeyrə çalışsan. Sərtac — İzdivac pozuldu, bu da təhlükə, Təhqirlə qayıdıb getdi məlikə. Getdi pis xəbərlə nümayəndələr, Aysori şahına yetsə bu xəbər, Nə olar halımız? Bəhmən — Qorxma onlardan. Sərtac — Fəramərz sarayda qopardı tufan, Qılınclar yerbəyer çıxdı qınından, Maral gəlməsəydi tökülərdi qan. Bəhmən — Afərin Fəramərzə, qət’i bir addım atmış, Fikirlərdə, başlarda o bir dönüş yaratmış. Üsyanlar, keşmə-keşlər bitir bununla qismən, Sənin özün də, Sərtac, çox gözəlcə bilirsən Bitmiş aysorilərin cahangirlik dövrəsi, İndi meydana çıxıb Keyxosrov məsələsi. Siyasətlər dəyişir, qoca İran dirçəlir, Qonşumuzda nadinc bir dövlət vücuda gəlir. Sərtac — Möhkəm dura bilsəydi öz sözündə hökmdar, Keyxosrov qarşısında yaradardıq bir həsar. Bəhmən — İttifaq düzəltmişdir aysorilərlə İran, Onların ikisin də döyəcək bir gün Arran. Nə qədər Bəhmən sağdır, uduzulmaz bu şahmat, Əgər sadiq vəzirsən, çalışıb birlik yarat, Sərtac — Sülhpərvər bir vəzir olduğumu bilirsən. Bəhmən — Düşmənindən qız alsan qət’i sülhə də girsən, Arxandan vuracaqdır, ələ düşüncə fürsət. Bir də yadında qalsın söylədiyim həqiqət: Dost olmağa çalışar, acizləşincə düşmən, Dəyiş siyasətini, tanıyıram səni mən. Astiaq — (Ə’yanları ilə bərabər daxil olur, Bəhmənin əlindən öpür) Təcrübən böyükdür təcrübəmizdən, Müşküldə qalmışam, tut əlimizdən. Sənin tədbirinlə babamız Fərhad, Tarixdə buraxmış silinməz bir ad. Sən böyük xidmətlər göstərdin bizə, Ordumuz at sürdü Orta dənizə. Arazdan Dəcləyə, Kürdən Fərata, Babamla bərabər minərək ata — Yenilməz bir dövlət düzəldə bildin. İndi bəs nə üçün geri çəkildin? Vətən tədbirinə, fikrinə möhtac. Bəhmən — Xalqa minnətdardır başındakı tac, Tədbirlə verilir taclara zinət. Daş-qaş ucuz şeydir, yox onda qiymət, Xalqın qüvvətidir tacı yüksəldən. Astiaq — Söyləyin nə edim, ağıllı Bəhmən? Bəhmən — Təslim ol bu xalqın iradəsinə Xalqın səs verməzsə sənin səsinə — Olmaz sənə yardım bu taxtü tacdan, Birisi altundan, biri ağacdan. Xalqına arxa ver o çox böyükdür, Tac nədir?! Baş üçün ağır bir yükdür. Tac deyil başları şərəfləndirən, Başdır taclar üçün böyüklük verən. Astiaq — Keçirəm xalq üçün şirin sevgimdən, Ataram Bebanı öz ürəyimdən. Bəhmən — Çox şirin gəlməsin sənə sevgilər, Bə’zən bal içində verilir zəhər. Baxma ki, gülləri qoxular insan, Güldə də zəhər var ətrini alsan. Astiaq — Başqa məqsəd üçün səni çağırdım, Müşküldə qalmışam ver mənə yardım. Aldatmış Fəramərz nankor bacımı, Sahiblənmək istər taxti-tacımı. Bəhmən — (gülür) Saray macərası, bu mənə aydın, Bunu özlərindən xəbər alaydın. Astiaq — Nəyi xəbər alım, bu bir həqiqət. Bəhmən — Həqiqət donuna girən xəyanət Daha qorxuludur, daha müdhişdir, Bu işlər sarayda düzələn işdir. Taclar ətrafında rəqs edər fəsad, Heç başı bu taclar etməmişdir şad. Müqəssir deyildir bu işdə bacın, Kimlərə lazımdır sənin bu tacın? Yoxdur Fəramərzin xəbəri bundan, Bir hiylə qoxuyur həmin oyundan. Sərtac — Yığıncaq düzəltmiş meşədə onlar, Şahı öldürəcək haman məl’unlar. Astiaq — Xəyanət düşünür mənə o napak, Qadınım da orda etmiş iştirak. Cariyəm də mənə ölüm hazırlar, Sənin bu işlərdən nə xəbərin var? Bəhmən — İçindən çürüyər böyük ağaclar, Sarayda alınıb satılar taclar. Zərərli alverdir bu alış-veriş, Sarayda qurulmuş bu qorxulu iş. Sərtac — Hökmdar, bu sözlər qara bir böhtan, Xaricə diqqət ver, qorxma saraydan. Bəhmən — Çağır Fəramərzi, danışaq burda, Görək düşmən kimdir bu ana yurda. Astiaq — (Sərtaca) Çağır gəlsin görüm nə istər məndən. Sərtac — (Tə’zim edir) Sədaqət gözləmə şahım düşməndən. Astiaq — (Acıqlı) Get çağır deyirəm, danışma əbəs, Bəhmən duran yerdə sən səsini kəs. Sərtac tə’zim edib gedir. Bəhmən — Şahım, yad qızından uzaqlaş, əl çək, Xalqın qeyrətlidir, səni qoymaz tək. Gətir sarayına öz məlikəni, Bununla bağışlar vətənin səni. Astiaq — Lakin inadlıdır şahzadə Behnaz Təhqirlə qovmuşam, daha barışmaz. Bəhmən — Sevgi bir günəşdir, inadsa bir qar, Bir qız nə qədər də olsa inadkar Sevgi qarşısında baş əyəcəkdir İnadsa qar kimi əriyəcəkdir. Sərtac — (Gəlib bu sözləri eşidir) Cənubun nə kimi qiyməti vardır, Keyxosrova qarşı möhkəm həsardır. Bir kökün üstündə göyərmişik biz, Qardaş şəhərlərdir Sabəyel, Təbriz. Onlar sevir bizi ürəkdən, candan. Bir eldir ayrılıb Azərbaycandan. Şahmar — (Gəlib baş endirir) Fəramərz hazırdır, əmriniz nədir? Bəhmən — (Astiaqa) Saxlama qapında onu müntəzir. Çağır hüzuruna səmimiyyətlə Qəlbini ələ al böyük hörmətlə. Sərtac — (yalvarır) Amandır hökmdar, güzəştə getmə, Uçasan bu qədər tənəzzül etmə! Bununla hökumət yaşamaz heyhat, Düşmənə cəza ver, dosta mükafat. Bəhmən — (Titrəyə-titrəyə qalxır) Dostlar cəzalanır sarayda bə’zən, Ne’mətlər içində bəslənir düşmən, Aslanlar qovular abadanlıqdan, Qalar tülkülərə sarayda meydan. Ceyran yuvasında yatar əjdaha, Devlər fərman verər sarayda şaha, Tacın kölgəsində balalar şeytan, İlan baş çıxarar taxtın altından. Macəranı sevir saray nədənsə, Fitnəsiz yaşamaz sarayda kimsə. Astiaq — (Məclisə) Bəhmənlik ucadır padişahlıqdan, Lakin Bəhmən olmaq deyildir asan, Bu əsnada Fəramərz öz adamları ilə gəlib tə’zim edib dayanırlar. Bəhmən — Şeytan qucağında çırpınır zaman. Hər gün bir fəlakət doğur asiman. Bəşər bir-birinin dizi altında, Ehtiras hakimdir xalq həyatında. Gündə bir hərisin əlində dövran Bu əldən o ələ satılır insan. Döyən də haq deyir, döyülənlər də, Haqsızlıq yox imiş sanki bəşərdə. Səvabə çevrilir bə’zən günahlar, Böyük ruhanilər, mö’bidlər, şahlar, Fərqini qoymadı bu günahların, Biri tac qeydində, o biri qarın. Astiaq — Sevgi üstündədir bütün mə’rəkə, Eşqdən göyərir silinməz ləkə. Eşqdir yağ tökən bu atəşlərə, Yol vermə, Fəramərz, keşməkeşlərə, Üstümə qaldırma bütün ölkəni. Bacım çox məğrurdur, sevməyir səni. Sərtac — Nə edək biz, Maral səni rədd etdi, Göndərdiyin elçi boş gəlib getdi. Qəhrəmansan, sənə qız əskik deyil, Xəyalpərəst olma arzundan çəkil. Fəramərz — Nə sevmək günahdır, nə də sevilmək, Heç kəs deyə bilməz sevgidən əl çək. Günah deyilən şey vətən satmaqdır, Eşidin, mən deyim kimlər alçaqdır. Bir düşmən qızına satılır ölkə, Sənin öz kölgəndir bu qara kölgə. Sərtac — Oxdan, qılıncdan danış, əl vurma siyasətə, Fəramərz — Xainəm göz yumarsam bu günkü xəyanətə. Astiaq — Nə üçün düzəldirsən meşələrdə yığıncaq? Fəramərz — Yaxşı düşün hökmdar, Fəramərz deyil alçaq. Astiaq — Əqlini başına yığ, tac hər başa yaraşmaz. Fəramərz — Uydurma xəbərlərdir hökmdar düşün bir az. Astiaq — Nə üçün düzəlmişdir mənə qarşı bu üsyan? Nə üçün öz şahına zəhər verirdi Ceyran? Sənin bu qara sevgin bütün ölkəni yıxdı. Mələkəm də nəhayət taxtıma xain çıxdı. Fəramərz — (Təəccüblə) Nə taxt, nə tac, nə Ceyran, nə zəhər, nə yığıncaq? (Bəhmənə) Bəhmən, diqqət ver buna, zülmə, xəyanətə bax! Astiaq — Bir kəsə deməmişəm, bu dərd boğurdu məni, Gətirin hüzuruma o xain cariyəni. Sükut başlanır. Ceyranı qolları bağlı, saçları dağınıq bir halda gətirirlər. Fəramərz — Budurmu şah öldürən, budurmu təzə qurban? Sərtac — Bəli! Xain cariyə şahın qatili Ceyran. Ceyran — Nədən yerim olmuş bu qara zindan, Sərtac nə istəyir kəndli qızından? Deyir bilmədiyin sözlərdən danış, Macəraya qoşul, böhtana çalış. Fəramərz — (Acıqlı baxır) Utanmasaydım gər Bəhmən babadan, Açardım sarayda təzə bir tufan. Bir sel axıdardım burada qandan, Nə böhtan qalardı, nə böhtan atan. Bu əsnada Maral gəlir, Fəramərzi dinləyir. Bu Maral, bu da mən, qoy desin düşmən Nə zaman yığıncaq düzəltmişəm mən? Maral — (Sərtaca acıqlanır) Mən heç kəsin deyiləm, macəradan əl götür, Əl çək hiylələrindən, bəsdir yerində otur. Fəramərzlə olmamış mənim əlaqəm hərgiz, De görüm nədən ötrü zindanda yatır bu qız? (Astiaqa) De görüm nə səbəblə ayrıldın məlikəndən? Qiymətli bir cavahir çıxıb getdi ölkəndən? Sərtac — (Padşaha tə’zim edir) Böyük xanədana sədaqətim var inan, Yalvarıram hökmdar, azad et məni burdan. Nə edim bu sədaqət olmamışdır nəzərdə, Həqiqətin üstünə çəkilir qara pərdə. Maral — Əl çək hiylələrindən, qoy bu xalq yaşasın dinc, Fəth eyləməz qəlbimi, nə tədbir, nə də qılınc! Maral çəkilib öz yerində oturur. Bəhmən — Daim çala-çuxurdur keçdiyimiz küçələr, Qorxulu küçələrdən tək keçə bilməz bəşər. Fəlakət səni izlər kölgən kimi, ayıq ol, Uçurumdur, ölümdür tə’qib eylədiyin yol. Bir-birinin əlindən yapışmalıdır insan, Tutmasalar qolundan çox tez yıxılacaqsan. Sivrim çağdır dünyada ayaq qoyduğumuz yer, Tək yaşamaq çətindir, bir-birinə arxa ver! (Marala) Rahat yaşayacaqdır bir-birini sevənlər, Qalib çıxar sevgiyə, silaha güvənənlər. Maral — Bilməyənlər əlində qılınc sadə dəmirdir, Bəhmən — Doğrudur, qılıncı da sənətkarlıq işlədir. Əsrimizlə Fəramərz ən böyük sənətkardır, Döyüş meydanlarında şanı-şöhrəti vardır. Maral — Bəhmən baba, gözəldir verdiyin nəsihətin, Qiymətli bir incidir, hər kəlmən, hər söhbətin. Sənətə qarşı vardır, məndə dərin məhəbbət, Məhəbbət dediyim söz sevgi deyildir əlbət. (Maral salondan çıxarkən Fəramərzə müraciət edir) Qət’i söz verə bilməz hazırda sənə Maral, Gələcəyin sirrini iqbalından xəbər al! (Maral gedir, Fəramərz ona baş endirir) Fəramərz — Təhqir üçün mən yoxsa edildim bura də’vət? Təhqirlə qarşılanır ilahi bir məhəbbət. Varlığımda silinməz bir xatirə buraxdı, Sevkilərim əriyib göz bəbəyimdən axdı. Astiaq — Qəmgin olma Fəramərz, bağışlayıram səni, Qurtar təhlükələrdən yaşadığın vətəni. Get hazırlan yola düş, çəkinmə bu səfərdən, Sevgi də, məhəbbət də asılıdır zəfərdən. Fəramərz — Böyük mərhəmətindən çox razıyam hökmdar, Səfərə çıxmaq üçün ancaq iki şərtim var: Sərtacı qov saraydan, ətrafını təmizlə, Yad qızından əl götür, xalqın yolunu izlə. Astiaq — Şərtlərin qəbulumdur, inan mənə Fəramərz! Fəramərz — (Dönməzə) Sabah yola düşürəm, hazırlıq görün, Dönməz. Bəhmən — (Qalxıb Fəramərzi öpür) Maral səni sevməsin, öz xalqın sevir səni, Get oğlum əsirlikdən xilas elə vətəni. Bəhmən baban əmr edir, yəhərlənsin atınız, Hər külək qıra bilməz, poladdır qanadınız, Atlan! Söylə Şirvanın, Qarabağın elinə, Çıxsın laçın igidlər köhlən atın belinə, Arran bayrağı qalxsın Babəkin qəl’əsinə. Fəramərz — (padşaha) Onda gəlib qulaq ver, şahım, aman səsinə, Məğlub olmaz ölkəmiz, xalqını yaxşı tanı, Qolu bağlı gətirrəm bura qayınatanı. (Ceyranı göstərir) Ancaq əbəs saxladın zindanlarda bu qızı, Üçüncü şərtim budur, burax o günahsızı. Astiaq — (Şahmara) İndi ki günahsızdır açın qızın qolunu! Ceyran — (Padşaha təzim edir) Hökmdar, bu kənizin azmamışdır yolunu. Fəramərz və başqaları bir-bir gəlib Bəhmənin əlindən öpür və padşaha baş endirib salondan çıxırlar. Bəhmən — (Qalxıb getmək istərkən padşaha deyir) Saray hiyləsindən özünü gözlə, Həqiqət görünməz sən baxan gözlə. (gedir). Astiaq — (Bebanın şəklini çıxarıb baxır) Sevgimizə qarşı çıxan bu üsyan, Doğru bizim üçün əbədi hicran. Sevgi qiymətlidir candan, həyatdan, Hər tükün bahadır bu kainatdan. Etməsin bu gözlər məni məzəmmət, Mən səni sevirdim, qoymadı millət. Böyükdür hicranın çəkilməz dərdi, Səni saxlasaydım tacım gedərdi. Sevgi bir həvəsdir, tez unudulur, Nə edim, gözəl qız, vətən məhv olur. Astiaq bir qədər fikrə gedəndən sonra şəkli iki əllərilə tutub dodaqlarına aparır və öpür. Əl çəkdim mən artıq şirin sevgidən, Çəkil nəzərimdən, çıx ürəyimdən. (Şəkli cırıb atır və sür’ətlə salondan çıxır) Sərtac — (Şahmarla gəlir) Sabahdan Fəramərz gedir cəbhəyə, Sən dəxi cəbhəyə gedirəm, deyə, Fəramərzlə sabah yola düşərsən, Əgər fürsət tapıb onu öldürsən — Ən’am alacaqsan, böyük bir ən’am. Şahmar — Elə bil vermişəm işə sərəncam. Həmin bu vəzifə gəlir əlimdən, Məmnun qalacaqsan bu əməlimdən. (kənara) Mən necə öldürüm o pəhləvanı?! Necə yetim qoyum Azərbaycanı?! Sərtac — O sağ qayıtmasın gərək cəbhədən. Şahmar — Boyun qaçırmıram bu vəzifədən. Çoxları sərmişəm yerə bir oxla Sağlıq olsa, sən də gücümü yoxla. Mənim sənətimdir bu cür işlər, Çoxları əlimdən zərbə yemişlər. Qorxulu səfərdir lakin bu səfər, Böyük işlər böyük məsarif istər. Sərtac — (Ona bağlı bir kisə verir) Al, bu da bir kisə, yetər yoluna, Qüvvət diləyirəm sənin qoluna. Ölməsə Fəramərz toyum baş tutmaz Şahmar — Əmin ol, bu dostun səni unutmaz. (Sərtac gedir, Şahmar danışır) Gedirəm, burada bir çətinlik yox, Varımdır qəfildən atılan bir ox. Öldürrəm onu mən düşünçə fürsət, İqbala səbəbdir həmin bu xidmət. (gedir) Ceyran — (Pərdənin dalından çıxır) Bacarsan get öldür, hiyləgər şeytan. Ölməmiş hələlik, diridir Ceyran! (tələsik gedir) Pərdə Dördüncü şəkil Maralın otağıdır. Maral otağın divarlarına qara çəkir. Otaq təziyə otağına bənzəyir. Ceyran — Qəlbimə yol tapmaz, nə kədər, nə qəm, Maralın qəlbini öyrənə bilsəm. Ölməmiş Fəramərz, o yəqinimdir, Bilirəm bu işi düzəldən kimdir. Fəramərz cəbhədən qayıdıb gəlsə, Maralın sevgisi yalan deyilsə, Onlar evlənəcək, bu mənə bir dərd, Düşmənim böyükdür, zəmanə namərd. Maral — (Qara paltarda gəlir) Fəramərz ürəkdən məni sevirdi, Möhtəşəm bir sevgi məzara girdi. Heç də inanmıram, böyük qəhrəman, Olsun bir əclafın əlində qurban. Ceyran — Hadisə doğrudur, ona şübhəm yox, Qəfildən atılan zəhərli bir ox — Onu məhv eyləmiş, Maral — Yalandır bəlkə. Ceyran — Yalansa nə üçün ağlayır ölkə?! Tutaq ki, yalandır, nə istəyirsən, Sən ki, Şəhriyara ərə gedirsən? Razılıq vermisən, qoyulur nişan, Deyil belə işlər sənə yaraşan. Maral — (Məhzun bir vəziyyətlə) Məni sevməsəydi öldürülməzdi. (başını əlləri arasına alır) Aman, bu müsibət ruhumu əzdi! Marala bəzək verən qadınlar əllərində zinət şeylərilə daxil olurlar, toy libaslarının hər biri bir qızın əlində, qızlar oxuya-oxuya rəqs edirlər. Qızlar — (Marala) Çöhrəndən rəng alır çəməndə güllər, Səsindən dərs alır şeyda bülbüllər. Məşşatələr vursun çöhrənə bəzək, Geyindirsin səni tavus quşutək. Rəqs edirlər. Maral — (Onları dayandırır) Bəsdir, çıxıb gedin, sevimli qızlar, Nəğmə səslərindən ürəyim sızlar. Ceyran — Qoy vəsmə çəksinlər bu qara qaşa, Bu saat xeyir işin gələcək başa. Salonda gözləyir səni kürəkən Rüsvayçılıq çıxar, nə fikirdəsən?! Maral — Ceyran, yalvarıram sənə, tələsmə! Çəkmişdir müsibət qaşıma vəsmə, Qanlı göz yaşından bəzənmiş çöhrəm, Etmişdir bu matəm eyşimi bərhəm! Ceyran — Sən ki, rədd etmişdin onu, sevmirdin, Hər kəlmə başında təhqir edirdin?! Maral — Xalqın matəmidir bu günkü matəm, Necə ağlamayım, ağlayır aləm? Bu qəfil ölümdən şadlanır düşmən, Namussuz bir qızam ağlamasam mən. Ceyran — Ölməmiş olsaydı Fəramərz hərgah, Onu sevərdinmi? Maral — Nə deyirsən ah!.. O sarsılmaz ürək yatır qəbirdə, Ölüm səfərindən qayıtmaz bir də. Bir daha düşmənlər titrəməz heyhat, Səfləri dağıtmaz bir də köhlən at. Düşmən qarşısında o bir qəl’əydi. Ona atılan ox ölkəyə dəydi. Ceyran — Demək ki, sevmirdin onu bir ər tək? Maral — (Acıqlı) Dedim ki, sevmirəm, yaxamdan əl çək! Padşah nəslidir, bizim nəslimiz, Ardır rəiyyətə ərə getsək biz. Vardır nəslimizin şanı-şöhrəti, Sevgiyə satmaram bu əzəməti. Ceyran — (gülür) İndi ki, sevmirsən nə ağlamaqdır? Maral — (kənara) Bu qız ya hiyləgər, ya da axmaqdır. Niyə anlamırsan məni, ay nadan! Ölkənin fikridir məni ağladan. Ceyran — Demək ki, sən ona getmirsən ərə. Maral — O da evlənməsin, gərək bir kərə. Qəlbində yaşatsın mənim sevgimi, Ümidlə yaşayım ölənə kimi. Ceyran — Bunu sən deyirsən, o nə deyir bəs? Maral — Bu öz işimizdir, sən səsini kəs! Sən onu sevmirsən, ürəyimdən çıx, Boğar bir gün məni bu dar qısqanclıq. Ceyran — Qısqanma, sevmirəm onu mən hərgiz Maral — (Gedərkən) Məni aldadırsan xəyanətkar qız. (gedir) Ceyran — (Onun dalınca) Sevgilə qururun yan-yana durmuş, Dəli bir ehtiras başını yormuş. Nə onu sevirsən, nə əl çəkirsən, Göyə də sıçrasan, yerə də girsən, Fəramərz mənimdir, səninki deyil, Əbəs qısqanırsan qarşımdan çəkil Astiaq — (danışa-danışa gəlir) Nə qədər ağılsız, nə qədər axmaq, Vətən xaininə matəm saxlamaq! Rüsvay olacağam xalq arasında, Baxın bacım ağlar kimin yasında?! (Ceyrana) Bu nə müsibətdir, bu nə qaradır? Ceyran — (Baş endirir) Şahım, bu matəmi bacın yaradır. Astiaq — (Öz-özünə) Bu gün toy başlanır, gəlinsə yasda, Nişan qoyulacaq qara libasda. Maral — (Gəlib bu sözləri eşidir) Bəlkə də bu xəbər yalan xəbərdir, Sərtac buraxdığı şayiələrdir? Astiaq — Biz gərək şad olaq belə xəbərdən, İstifadə edək şayiələrdən. Maral — Sən onu cəbhəyə göndərən zaman, Demişdin qayıt-gəl qoyarıq nişan. Doğrudur, onu mən sevmirəm əsla, Borcumu verirəm ona bu yasla. Olmuşdur o mənim sevgimə qurban, Gözüm ağlamayır, ağlayır vicdan. Astiaq — (Ceyrana) Dayanma get çağır Şahmarı, Ceyran! Maral — (Məhzun bir surətdə) Nə qədər mənfurdur həyasız şeytan! Olduqca iyrənçdir onun sifəti, Qatil olmasa da, acıdır əti. Astiaq — Daha fayda yoxdur bu ahü-zardan, Kim görüb qayıtsın ölü məzardan? Maral — Aldada bilməzdin onu sən hərgiz, Onu aldatmışdır inadkar bir qız. Təhqir olunmasın deyə məhəbbət, Ölünçə bəslərəm ruhuna hörmət. Astiaq — Məqsədsiz, arzusuz ağlamaz insan, Maral — Özüm ağlamıram, ağladır vicdan. Şahmar Ceyranla bərabər daxil olub padşaha baş endirir. Astiaq — (Şahmara) De görüm mənə, ey böyük sərkərdə, Nə hünər göstərdin bu son səfərdə? Harda Fəramərzi boyadın qana? Nə üçün qəsd etdin o pəhləvana? Şahmar — (Təzim edir) Daim Fəramərzə bəslərdim hörmət, İftixar edirdi onunla millət. Lakin son səfərdə satırdı bizi, Uduzmaq istərdi qələbəmizi. Xain səs vermədi xalqın səsinə, Geri çəkilirdi xaincəsinə. Yalvardıq, yaxardıq baxmadı sözə, Axırda atlanıb gəldik üz-üzə. Ata məhmiz vurub yel kimi əsdim, Gözündən oxlayıb başını kəsdim. Astiaq — Afərinlər olsun bu zərbi-şəstə! Sənin mükafatın gözlərim üstə. Ceyran — (Onun dalınca kənara) Bilmirəm hardandır bu cür’ət səndə? Özündən gedirsən toyuq kəsəndə. Astiaq — (Marala) İndi yaxşı düşün kimə ağlarsan, Vətən xaininə matəm saxlarsan. Kimlərə bəslərdin bu məhəbbəti? Düşmənə satırmış böyük dövləti. Maral — (Şahmara) Onu öldürsəydi adlı pəhləvan, Olsaydı ölkəmin yolunda qurban, Çıxmazdı bu sevda mənim başımdan. Qəbrini sulardım bu göz yaşımdan. Astiaq — Belə də lazımdır, mehriban bacım. Maral — Qanlı cəbhələrdə həlak olsaydı, Döyüş tarixində bir ad qoysaydı, Zər-zivər yerinə qara bağlardım. Ölünçə yas tutub ona ağlardım. Astiaq — İşi mə’rəkəydi, peşəsi üsyan, Dikbaşlıq edirdi xalqın adından. Maral — Artıq o deyilmiş adlı qəhrəman, Olmuş bir tülkünün əlində qurban. Şahmar xəcalətli bir surətdə gedir. Astiaq — Haramdır ağlamaq bu acizlərə; Maral — Əbəs matəm tutub geymişdim qara. (Maral bu sözlərdən sonra başından qara şalı çıxarıb atır, otağın qaralarını soyur və gedir. Ceyran tək qalır) Ceyran — (Maralın dalınca) Bu gün öz başından qaranı açsan, Unutma ki, sabah ağlayacaqsan! Sən layiq deyildin o qəhrəmana, O məni sevəcək, qal yana-yana. Dəmir — (Başını qapıdan içəri uzadır) Yanında kim vardır? Ceyran — Gəldinmi? Dəmir — Dinlə! Danışma, barışır iqbal səninlə. Ceyran — Cəbhəyə getdinmi? Dəmir — Getmişdim, dayan! Ceyran — De görüm sağdırmı o gənc qəhrəman? Dəmir — Sağdır, doğru deyil eşitdiklərin. Burda düzəltmişlər ölüm xəbərin. Mən o qəhrəmanı gördüm cəbhədə, Sanki səslənirdi bir atəşgədə. Sağ-sola çapırdı qızmış aslantək, Döyüş meydanında çaxardı şimşək, Axdı dərələrdən, təpələrdən qan, Dumanlar altında qalmışdı meydan. Ceyran — Yalvarıram, söylə onu gördünmü? Dəmir — Gözlədim qaranlıq düşənə kimi, Döyüşlər qurtardı, pozuldu düşmən, Çadıra girərkən onu gördüm mən. Tək idi, yanında heç kim yox idi, Məktubunu verdim, alıb oxudu. Ceyran — Nə dedi? Dəmir — Dedi ki, qəlbən razıyam, Ver mənim dilimdən Ceyrana salam. Ceyran — Çalış bu xəbəri bilməsin bir kəs, Dəmir — Kimdən çatacaqdır mükafatım bəs? Ceyran — Çalış bu xəbəri bilməsin Maral, Hər nə istəyirsən Fəramərzdən al. Qızların oxumaq səsləri eşidilir, Dəmir gedir. Toyu da şöhrətdir, yası da şöhrət, Sanki əyləncədir ona məhəbbət, Qızlar oxuya-oxuya daxil olur. Maral məşşatələrin müşayiəti ilə daxil olur. Maral bəzənirkən qızlar oynayıb oxuyurlar. Qızlar — Maral xanım, məşşatələr vəsmə çəksin qara qaşa, Tavus kimi geyindirib büründürsün daşa-qaşa, Qoysun əlvan çiçəklərdən məşşatələr başına tac, Qızıl gülün ətirində çimdirilsin bu qara saç. Maral — Toy da əyləncədir, yas da əyləncə, Bunlar bir zinətdir həyata mənçə. Rəqs. Pərdə * * * Üçüncü pərdə Beşinci şəkil Suraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir. Sərtac — (Əlində bir məktub Şahmarla daxil olur) Həmin bu məktubu saxla yanında, Kəbin kəsiləndə, and zamanında, Gətirib verərsən məktubu şaha. Şahmar — Qarışdırma məni işə bir daha, Bezmişəm etdiyim xəyanətlərdən. Nəyin sahibiyəm o xidmətlərdən? Sərtac — Sırtıqlıq eləmə bezdim mən dəxi, Dünyanı vermişəm, talandım axı! Şahmar — Maral kimi qıza demişəm böhtan, Yatdı zindanlarda neçə ay Ceyran. Mənə nə qazandı, de görüm bu iş? Xoşuma gəlmədi bu alış-veriş. Sərtac — Bal-yağmı satmısan mənə, bir utan! Şahmar — Bal-yağdan bahadır satdığım vicdan. Sərtac — Səndə təqsir yoxdur, məndədir nöqsan, Bərbəri gətirib etmişəm ə’yan. Vəzirlə, vəkillə oturub durdun. Şahmar — Az vaxtda varlanıb belə qudurdun. Hər bir sənətkardan sarayda vardır. Oğrular, casuslar, oyunbazlardır. İcazə ver, açım köhnə kitabı, Oxuyum gör kimdir vəzir cənabı, Vəzirlik edərkən kisə çəkənlər, Ə’yan olmasınmı sarayda bərbər? Sərtac — (Əlini qoyur ağzına) Aman, kəs səsini, qulaqdır hər yan! Şahmar — Maaşsız nə qədər işləsin insan? Fəramərz kimi bir böyük sərkərdə, Mənim vasitəmlə öldü səfərdə. Sərdim torpaqlara o pəhləvanı, Matəmə batırdım Azərbaycanı. Bunun əvəzində nəyi qazandım? Sərtac — (Bir kisə pul çıxarır) Al bu son kisəni daha usandım. Doğrudur qan ağlar Azərbaycan, Amma inanmıram o cür pəhləvan, Olsun bir bərbərin əlində tələf. Əgər doğru olsa böyük bir şərəf. Şahmar — İnanma, sözüm yox, bunda haqlısan, Ömründə doğru söz danışmamısan. Ciblərin doludur boş və’dələrlə, Sərtac — Dayan, məsələlər bitməmiş hələ, Çox yaxın zamanda bitər bu şahmat, Sən də alacaqsan böyük mükafat. Siyasət meydanı mənim əlimdə. (Şahmar məktubu alır.) Ver bura, bədbəxtəm öz əməlimdə, Kim tə’min eylər quru və’dələr? Sərtac — Füzulluq eləmə, get dedim yetər! (Şahmar gedir) Başladığın işi yarıda qoysan, İstədiyim zaman məhv olacaqsan! Dışarıdan şeypur səsi gəlir, qabaqca şahın silahlı adamları. Sonra padşah ə’yanların, qadınların və mə’bidlərin müşayiəti ilə daxil olur. Padşah öz taxtının qarşısında durub danışır. Astiaq — Etmişdir vəsiyyət babamız Fərhad, İstəsən məmləkət yaşasın azad, Çalış məmləkətdə yaransın birlik, Birlik olan yerdə qalmaz əsirlik. Bu məqsədlə sizi etmişəm də’vət, Cənubla yaradaq təzə məhəbbət. Cənub şahzadəsi böyük Şəhriyar, Özü də, nəsli də olduqca kübar. İstəyir bacımla qazansın şərəf, Bununla şadlansın hər iki tərəf. Bir məlikə versin cənuba ölkəm, Həm də ki, qayıtsın mənim məlikəm. Sərtac — Böyük bir şərəfdir bu izdivaçlar, Təzə bir cavahir qazanır taclar. Ürəkdən sevindim, bununla bəlkə, Azad həyat qursun hər iki ölkə. Yüksəlsin yenə də Azərbaycan, Cənubda etməsin ağalıq İran. Şahzadə Şəhriyar musiqi tərənnümləri altında daxil olur. Astiaq — (Qalxıb onunla görüşür) Xoş gəldin şahzadə, səfa gətirdin, Dərin bir sevginin qoynuna girdin. Şəhriyar — Böyük bir məhəbbət hissi var məndə, Bir sevinc duyuram ana vətəndə. Astiaq — Çoxdandır yolunu gözlərdim mən də, Bir ürək çırpınır iki bədəndə. Şəhriyar — Çıxır sanki mənim qarşıma iqbal, Gəl öpüm, öpüşsün Cənubla Şimal. Öpüşürlər. Astiaq — (Sərtaca) Ver xəbər müqəddəs məş’əllər yansın, Çağır mə’bidləri dua başlansın. Gəlirkən Fərhadın böyük heykəli, Atam Kiaxsarın müqəddəs əli. Ürəklər qərq olsun dərin bir vəcdə, Edək sədaqətlə atəşə səcdə. Şahmar gəlib təzim edir. Şahmar — Hökmdarım, gəldi şahzadə Maral. Astiaq — (Ə’yanlara) Şahzadə xanımı edin istiqbal. Şahzadə Maral qızlar və qadınların müşayiəti ilə daxil olur. Baş mə’bid dərhal atəşgahın qarşısından pərdəni götürür, atəşə məxsus dua oxunur. Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından, Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan. Müqəddəs od, öz nurunla yandır şər’in qanatını, Böyük Hörmüzd, işıqlandır insanların həyatını! Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç, İnsanların ürəyindən behiştə bir pəncərə aç! Dua bitəndən sonra hamı yerində oturur, qızlar odun qarşısında müqəddəs rəqsi ifa edirlər. Rəqs qurtarır. Baş mə’bid nişan inçisini Maralın boynundan asır. Maral başındakı çələngdən bir çiçək qoparıb başının tükü ilə sarıyıb Şəhriyara verir. Dəmir — (Daxil olur) Qəhrəman Fəramərz gəlir səfərdən. (Astiaqa) Gözləriniz aydın böyük zəfərdən. Məclisdə həyəcan başlanır. Hamı gözlərini qapıya tərəf çevirir. Fəramərz — (Bayraqlar ilə daxil olur, Astiaqa baş endirir) Əmrinlə zəfərdə buraxdım izlər, Təslim oldu sənə dağlar, dənizlər. Böyük ölkələrdən sənə bac aldım, Şahları başından altun tac aldım. Taclar şahın ayaqları altına atır. Pəhləvanlar çökmüş önümdə dizə, İşləyir fərmanın Orta dənizə. Akadlar qorxudan hərbə girmədi, Askitlər məhv olub tab gətirmədi. Orduma yol açdı keçilməz daşlar, Nizəmə taxıldı əyilməz başlar. Başlar taxılan nizələr əyilir. Astiaq — Səni zəfər üçün bəsləmiş anan, Səninlə fəxr edir Azərbaycan. Təqdirə layiqdir bu xidmətlərin, Qət’i bir zəfərdir bu son zəfərin. Hədiyyə verdim sənə bir qılınc, bir at Sərtac — Mənçə bu mükafat layiq mükafat. Fəramərz — Mükafat deyildir bir qılınc, bir at, Və’də vermiş idin başqa mükafat. Astiaq qorxudan cavab verə bilmir. Sərtac — Çoxdandı yox idi izin, əsərin, Hər yerə yayıldı ölüm xəbərin. Ağlatdı dünyanı böyük müsibət, Matəmə büründü qoca məmləkət. Biz inanmasaydıq həmin xəbərə, Şübhəsiz şahzadə getməzdi ərə. Fəramərz bu sözdən sonra Maralın tərəfinə baxır. Onun Şəhriyar ilə bərabər nişan paltarında oturduğunu görüb Sərtaca acıqlanır. Fəramərz — Çəkil get gözümdən hiyləgər şeytan, Sədaqət görmədim bu saraylardan! Bir ildir atımdan enməmişəm mən, Arpa sünbüllədi çəkmələrimdən. Hər yana at çapdım zəfər yaratdım, Uzun gecələri yəhərdə yatdım. Çox zaman çıxardı üzəngimə qan, Ölüm püskürərdi üstümə meydan. Qılıncdan başımda çadır düzəldi, Ordular sel kimi üstümə gəldi. Maral-Maral deyib dönmədim geri, Düşmən meyidilə ucaltdım yeri, Sağımdan, solumdan yağardı yara, Taxt-tac qorudum bu alçaqlara! (Şəhriyara acıqlanır.) Şəhriyar — (Öz adamlarına) Tez tutub bağlayın bu ədəbsizi! Fəramərz — Mən gərək əvvəldən qırayıdım sizi! Düşmən axtarırdım yad ölkələrdən. Bilmədim evdədir həqiqi düşmən. Bilmədim yox vicdan tacın altında, Siz də bir qatilsiz xalq həyatında. (Fəramərz qılıncını çəkib Şəhriyara hücum edir) Maral — (qalxır) Əl saxla, Fəramərz! Fəramərz — (Təzim edir) Bağışla məni. (Astiaqa) Sonraya buraxdım bu çəkişməni, Qoy sizdən təbiət intiqam alsın, Sizinlə mənimki sonraya qalsın. Olmasaydı əgər qadına təhqir, Qırardım sizi mən burada bir-bir. Lakin bu təhqiri yerdə qoymaram! (gedir) Maral — (həyəcanla) Qəhrəman Fəramərz, mən günahkaram. Sərtac — (Şəhriyara) Verməyin bu işə çox əhəmiyyət, Maral şahzadədir, o bir rəiyyət. Fəramərz bəsləyir qələt bir rö’ya Yazıq aşiq imiş Marala guya. Əmr edin yenə də ayin başlansın. Müqəddəs məş’əllər təzədən yansın. Astiaq — (Sərtaca) Fərhadın rəsmini də gətirsinlər, Əvvəl Şəhriyara and verdirsinlər. Həm də bacım Maral şəklə and içsin, Sonra nişan rəsmi həyata keçsin. Oxunsun müqəddəs vəsiyyətnamə, Sərtac — (Dəmirə) Şahın fərmanını yetir əncamə. (Öz-özünə) İxtilaf çıxmasa ölkədə hərgah, Hər gün əllərimdən öpməz padişah. Qorxu yaradıram ona hər gündə. Cansız bir heykəldir taxtın üstündə. Astiaq — (Şəhriyar ilə danışır) Az deyil qəhrəman igidlər bizdə, Yaşar bu məmləkət Fəramərzsiz də. Hazırlayın ona elə bir dərman, Bitməsin yarası gəlsə yüz Loğman. İki qız Fərhadın böyük pərdə üzərinə çəkilən rəsmini gətirir. Bunların dalınca da iki qız mə’bidlərin müşayiəti ilə qızıl bir sandıq gətirir. Padşah sandıqdan Fərhadın vəsiyyətnaməsini çıxardıb oxuyur, Maral ilə Şəhriyar təkrar edir. Astiaq — Yəzdanə and içirik Şəhriyar — Yəzdanə and içirik Astiaq — Düşmənlə dostluq etməyəcəyik! Şəhriyar — Düşmənlə dostluq etməyəcəyik Astiaq — Arran məmləkəti Azərbaycan istiqlaliyyətin beşiyidir. Şəhriyar — Arran məmləkəti Azərbaycan istiqlaliyyətin beşiyidir. Astiaq — Düşmən atları Araz-Kür çaylarından su içməməlidir. Şəhriyar — Düşmən atları Araz-Kür çaylarından su içməməlidir. Astiaq — Düşmənə qız verən düşmənimizdir. Şəhriyar — Düşmənə qız verən düşmənimizdir. Bu halda Şahmar gəlib məktubu Sərtaca verir. Sərtac — Əzəmətli Şəhriyar siz o andı buraxın, (Astiaqa) Möhtəşəm hökmdarım bu məktuba tez baxın. (Məktubu verir) Astiaq — (Oxuyub Şəhriyara açığlanır) Yəzdana, Zərdüştə, Fərhada qəsəm, Səni öz əlimlə məhv eləməsəm. Haram olsun mənə bu dövlət, bu tac, Qoy hamı eşitsin, al oxu Sərtac! Hər kəs həyəcanla Sərtaca baxır, Şəhriyar özünü şaşırır. Maral Şəhriyarın yanından qalxıb heyrətlə o tərəf-bu tərəfə baxır. Sərtac — (Məktubu oxuyur) Aysoru padişahından Astiaq şaha! Ey Sərkəş, xudpəsənd kümrah, Peymanına sadiq olmayan şah! Əvvəlcə qazandın e’timadı, Sonra niyə başladın fəsadı? Etdin qızıma məhəbbət e’lan, Atdın nə üçün? Nədir bu üsyan? Behnazı alıb buraxdın əldən, Ar eyləmədin fəna əməldən. Bil ki, səni məhv edər xəyanət, Andında görünməyir sədaqət. Behnaz sənə bir daha qayıtmaz, Ol dilbər edib məni sərəfraz. Artıq hərəmimdədir o afət. Məndən görəcək o qız səadət. Məclisdə olanların hamısı Şəhriyara nifrət nəzərilə baxmağa başlayır. Astiaq — (Şəhriyara) Çəkil müqəddəs odun kənarından, tez çəkil! O şəkildən üz döndər, müqəddəsdir o şəkil. Buraxdın məlikəni Fərhadın qatilinə, Fərhada and içirsən utanmayırsan yenə?! Şəhriyar — İcazə ver danışım, ey əzəmətli şahım, Sən zənn edən qədər də, böyük deyil günahım. Müqəddəsdir hər kəsə Fərhadın vəsiyyəti, Namussuzluq deyilli Şəhriyarın niyyəti. Mən xəyanət etmədim, şahım, Arazla-Kürə, Ancaq mən istəmədim gözlərim görə-görə, Düşmən atı tapdasın Zərdüştün vətənini. Vətənimin namusu məcbur eylədi məni, Bir də ki, sən qovmuşdun sarayından bacımı. Həm də qorumalıydım öz taxtımı, tacımı. Maral — Namusu satmaqla yaşamaz vətən, Qılıncına güvən, həyat istəsən, Astiaq — Çıxıb get buradan, söhbət artıqdır, Bacı qurban vermək namussuzluqdur. Maral — (Öz boynundakı nişan incisini çıxarır) Yandırdın bu xəbərlə gənc ürəyimi, Sevgin uçub getdi bir xəyal kimi. Astiaq — Çəkil get gözümdən, satıcı insan, Satdın öz bacını, satıldı ad-san. Maral — Şərəfsiz bir gəncə satılmaz Maral, Artıq biz ayrıldıq, gəl incini al! Nə sevgin var sənin, nə namusun var, Saçımın tükünü özümə qaytar. Şəhriyar — (İncini almaq istəmir, padşaha deyir) Xəbərdarsan bizim ənənəmizdən, Sevgi asanlıqla alınmaz bizdən. Nişan incisini hökmdar, ancaq, Qılıncla mümkündür geri qaytarmaq. Bu saçın telindən alıram qüvvət, Onunla bağlıdır mənə məhəbbət. O saçla ürəyim çəkilmiş dara, Saç vermək ölümdür pəhləvanlara. (Şəhriyar bunu deyəndən sonra qılıncını çəkir) Pəhləvan göndərin böyük hökmdar, Ölər, sevgisindən keçməz Şəhriyar! Astiaq — Pəhləvan çağırın! Maral — İcazə ver şah. Mən bundan intiqam almasam hərgah, Haram olsun mənə bu şöhrət, bu şan. Şəhriyar — Qoy çıxsın qarşıma başqa pəhləvan. Ölsəm deyəcəklər qadın öldürdü, Öldürsəm deyərlər qadın öldürdü. Qılınc və qalxan gətirirlər, Maral döyüşə hazırlanır. Maral — (qılıncını çəkir) Bir daha sevgim üçün çırpınmasın ürəyin, Ürəyimdə sevgi yox, sənə qarşı coşur kin. Maral və Şəhriyar vuruşur, Şəhriyar yaralanıb yıxılır, öldürmək istərkən Astiaq qalxıb Maralı dayandırır. Astiaq — (Marala) Maral, saxla əlini, bir yara buna bəsdir, Atəşkah müqəddəsdir, qan axıtmaq əbəsdir. Maral nişan incisini çıxarıb atır onun döşünə. Maral — Həmin nişan incisini öz boynumdan atan kimi, Sənin murdar sevgindən də təmizlədim ürəyimi. (Maral onun başından çələnki götürüb atır və qılıncını yerinə taxdığı zaman deyir) Namərd! Pərdə * * * Dördüncü pərdə Altıncı şəkil Padşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir. Səslər — Fəramərzi çağırın, Fəramərzi verin! Astiaq — (xalqa) Sakit olun, sülh olacaq yaxın zamanda, Azad həyat başlanacaq Azərbaycanda. Qurd qoyunla gəzəcəkdir məmləkətimdə, Qalmayacaq bir ehtiyac rəiyyətimdə. Nümayəndə göndərmişəm bu gün düşmənə, Sülh üçün öz şərtlərini göndərsin mənə. Səslər — Fəramərzi verin, Fəramərzi verin! Baş mö’bid — (irəli gəlib xalqı sakit etməyə çalışır) Var müqəddəs ölkəmizdə atəşkədələr, Gedib oda səcdə edin göndərsin zəfər. Qovsun Hörmüzd bu ölkədən əhrimənləri, Yüz Fəramərz qova bilməz o düşmənləri. Günahkarıq bizə bəla göndərmiş Yəzdan, Öz şahına eyləmişdir rəiyyət üsyan. Səslər — Fəramərzi verin! Fəramərzi verin! Dəmir — (Tələsik gəlir) Düşmən cavab göndərmişdir. Astiaq — Al, oxu Sərtac! Təhlükələr qarşısında qalmış təxtü tac. Torpaq tələb edir verim, istəsin dövlət, Eybi nədir, çox genişdir bizim məmləkət. Sərtac — (Məktubu oxuyur) Mən necə oxuyum, bu həqarətdir, Astiaq — Bu ki, qarətdir. ...İkiyə ayrılsın Azərbaycan, Cənub tərəfləri götürsün İran. Beş yüz gəlin göndər, beş yüz qara qul. İki min at gərək üstü ipək çul, Yüz yük xalı, kəbə, yüz yük də qumaş. Yüz yük qızıl, gümüş, yüz çuval daş-qaş. Himayət altında yaşasın Arran. Günə səcdə etsin Azərbaycan. Astiaq baş əysin Saraguş şaha Oda söyləməsin tanrı bir daha. Astiaq — Daha nə istəyir?! Sərtac — Dilim olsun lal. (Yavaşdan) Sarayıma gəlsin şahzadə Maral. küçədə həyəcan başlanır, səslər eşidilir. Səslər — Fəramərzi gətirin! Fəramərzi gətirin! Astiaq — Bütün təkliflərə razıyam, ancaq — Düşmən deyən qədər deyiləm alçaq. Onsuz da məğrurdur şahzadə bacım, O getməz, getsə də bu təxtü tacım. Sərtac — Bir qədər fikirləş, böyük hökmran, Əgər şahzadəni verməsən qurban Xalqımız, ölkəmiz məhv olacaqdır. Astiaq — (Açıqlanır) Fərhadın nəvəsi sanma alçaqdır, Sənin hiylələrin məni məhv etdi. Saraydan çıxıb get, məmləkət getdi, Tanıyırmış səni ağıllı Bəhmən, İnad göstərmişəm əbəs yerə mən. Sərtac baş endirib gedir. Astiaq o tərəf-bu tərəfə boylanıb danışır. Ətrafım boşalmış qəhrəmanlardan, Şahlardan tac alıb bac alanlardan. Məndən küsüb getdi igid Fəramərz, Əfsus, yenə əfsus, bir daha gəlməz. Baş mö’bid — Şahım, ümidini Yəzdana bağla, Mö’bidləri yığıb sarayda saxla. Hardakı müqəddəs simalar vardır, O yer toxunulmaz möhkəm hasardır. İki nəfər qoca Bəhmənin qoltuğuna girib gətirir. Səslər — Qaytarın bizim milli qürurumuzu! Fəramərzi çağırın! Bəhmən — (Astiaqa) Bu səslər nə səsdir, nə deyir millət? Astiaq — Çarə tap pozulur böyük bir dövlət. Namus tələb edir o həyasızlar. Nə edim, nə deyim, nə cür’ətim var? Sülhə imkan yoxdur, döyüşə qüvvət, Fəramərz səslənib qışqırır millət. Səslər — Fəramərz, Fəramərz! Baş mö’bid — (Padşaha) İnansan Yəzdanın iradəsinə, Səs verər, şübhəsiz, sənin səsinə. İqbaldır insanın önündə gedən, Sənə həyat verən, səni məhv edən. İqbaldır hər kəsi şərəfləndirən, Birini qaldırıb, birin endirən. Belədir Yəzdanın verdiyi qərar. İnsanın əlində yoxdur ixtiyar. İnsanla dolanır qəzavü qədər, İnsanlar üçündür şadlıq və kədər. Camaat balkonu daşa basır. Bəhmən — (Camaata) Dayanın, diridir hələlik Bəhmən, Eşidin səsimi, sizinləyəm mən. Övladım, haqlıdır atılan daşlar, Hər böyük fəlakət saraydan başlar. Əvvəlcə düşməni qapıdan qovmaq, Sonra müqəssiri cəzalandırmaq. İqbala, ə’caza bağlı deyilsən Dünya işlərinin xaini sənsən. Baş mö’bid — (Astiaqa) Həmin bu fikirdir bizi məhv edən. Məğlub olacaqdır əyri yol gedən. Bəhmən — (Xalqa) Qoruyun düşməndən öz ölkənizi, İgiddir Fəramərz, tək qoymaz sizi, Qalib çıxacaqsan yenə çalışsan, İnsan bacaranı, bacarar insan. Maral — (Silahlı qızlarla gəlir) De görüm düşməndən cavab aldınmı? Astiaq — (Kədərlə) Aldım! Maral — O cavabdan razı qaldınmı? Astiaq — O şərəfsiz sülhün şərtlərindən, Nə cürə söyləyim, biri də sənsən. Maral — Bununla mümkünsə bizə istiqlal, Gedərəm eybi yox, məhv olsun Maral. Bəhmən — (Marala) Düşmən sarayına gedincə gölə, Dostun qapısına get gülə-gülə. Əyilsə də başın dosta əyilsin, Özün gedib yalvar, Fəramərz gəlsin. Get söylə çətindir bu son məsələ, Təxirsiz götürsün silahı ələ. Onunla məmləkət tapar azadlıq Məktubumu alıb yola düş artıq. Maral — O məni eşitməz, çox inadkardır. Bəhmən — İnadkar da olsa, vüqarı vardır. Qadınlığa bəslər böyük bir hörmət. Sənə ki, aydındır, qızım, həqiqət. Qəhrəmanı təhqir etdiyin gündə, Yenə baş əymişdir sənin önündə. Qadınlıq gəlməsi ona əzizdir, İnan Fəramərzə, qanı təmizdir. Söylə, Bəhmən baban çağırır səni, Gəlib azad etsin bizim ölkəni. Astiaq — Qoy gəlsin barışaq, düzəldək birlik. Ona da, mənə də ardır əsirlik. Ceyran — (Marala) Mən onu gətirdim icazə versən. Maral — (Açığla) Çoxdandır bilirəm onu sevirsən. Rəqabət aparma mənimlə bəsdir, Başım ayılarsa yerin məhbəsdir. (Bəhmənə) Gedirəm, əl çəkdim öz qürurumdan, Daim bir çəkidə yaşamaz insan. Hamı gedir. Ceyran Maralın dalınca Ceyran — Sən də rəqabətdən bir qədər çəkin, Gündən-günə sənin azalır çəkin. Pərdə * * * Beşinci pərdə Yeddinci şəkil Fəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar. Qızlar və oğlanlar — Gözəl bahar, aç üzünü, əkinçilər düzə çıxsın, Təbiətin gəlinləri al geyinib üzə çıxsın, Tarlaların körpəsinə süd əmizdir buludlardan, Kəkliklərin ilham alıb şərqi desin ilk bahardan. Dönməz — (tələsik gəlir) Qızlar, dayanmayın, edin istiqbal, Qonaq gəlir bizə şahzadə Maral. Tez qayıdın evə ay qız, ey gəlin! Gözəl paltarlardan geyinib gəlin! Qərənfil — (Tələsik otaqdan çıxır) Hanı bəs Fəramərz, tək niyə gəldin? Dönməz — Dayanmayın, ana, evi düzəldin. Otaqları döşə, xalçaları sal! Qonaq gəlir bizə şahzadə Maral. Nəhrəni çalxatdır, pətəkdən bal kəs, Tapşır səs salmasın burada bir kəs. Qərənfil — Sən allah, ay Dönməz, aldatma bizi, Kəndli komasına gəlməz şah qızı. Dönməz — Malları həyətə qoyma naxırdan, Beş on şişək seçib saxlatdır qurban. Qab-qaçağı düzdür taxa-taxçaya, Toyuq zad girməsin bizim bağçaya. Qərənfil — Ay qız, Mələknisə, nə döndün yenə? Toyuqları tutub doldurun hinə. Dönməz — Ana, bu işlərə bütün özün bax, Uşaqlar girməsin evə tumançaq. Qərənfil — (O tərəf-bu tərəfə qaçır) Bilmirəm harada yox oldu Püstə, Mələknisə durma, qaç bulaq üstə. Gəlib ev-eşiyi salsın sahmana, Dönməz — Ana, nə qaçırsan o yan-bu yana? Köpəkləri açıb çöldə bağlatdır. Güləş dərzlərini bayıra atdır. Qərənfil — Gəlsin, gözüm üstə onu saxlaram, Şahın özü gəlsə qonaqlayaram. Dönməz — Tökdür sərin suya şəkəri, qəndi, Mən gedib çıxarım qabağa kəndi. Padşah qızları sevərlər şərbət, Yaxşı süfrə düzəlt, ana, həl-həlbət. (gedir) Qızlar gəlirlər. Evdə təlaş və həyəcan başlanır, evi sahmana salmağa başlayırlar. Qərənfil — Ay qız, Xırdaxanım, sən bağçaya qaç, Nazlı xanım, durma yaxdanları aç. Xalını, kəbəni eyvana döşə, Təzə paltarlarda gəlin görüşə. Cücələri tutub kəsdir, ay Nabat, Ay Polad, sən də bir öyəc boğazlat. Polad — Bu cür xidmətlərə göndər Poladı, Həm ciyəri mənim, həm içalatı. (gedir) Qorxmaz — (Gəlib atdan düşür) Bu nə hazırlıqdır, Qərənfil nənə? Bu nə dəbdəbədir, bu nə təntənə?! Dayan, bir de görüm, nə götür-qoydur? Niyə gizlədirsən, olmaya toydur? Oğlunmu evlənir, gözümüz aydın! Qərənfil — Əlbəttə evlənir, bizi nə saydın?! Olsun bu xeyir işdən sənə də qismət. Qorxmaz — Səbr elə hələlik tezdir bu söhbət. Qərənfil — Nə üçün? Qorxmaz — Deyildir həyat müəyyən, Sabahı düşünmür bu gün evlənən. Bu halda evlənsək gülərlər bizə, Çünki yabançıyıq öz ölkəmizə. Qərənfil — Bilirəm övladım, doğru deyirsən, Düşüncən budursa, sənə yüz əhsən. Qonaq gəlir bizə padişah qızı. Qorxmaz — Köməyə çağırır yəqin ki, bizi Əmoğlum hanı bəs, gözümə dəyməz? Qərənfil — Gəlməyib şikardan hələ Fəramərz. De görüm nəyin var təzə xəbərdən, Bəs nə tez qayıtdın uzaq səfərdən? Qorxmaz — Günümüz olduqca qorxulu gündür, Ordumuz çəkilir, düşmən üstündür. Dağılıb, məhv olub böyük bir dövlət Fəramərz deyərək qışqırır millət. Qərənfil — Niyə bəs Fəramərz gizlədir məndən, Qaçıb gizləndimi yoxsa düşməndən? Qorxaqsa gözündən tökülsün südüm Lə’nətə çevrilsin mənim öyüdüm. Qorxmaz — Deyildir Fəramərz burda müqəssir, Şahın özündədir bu hamı təqsir. Bütün sərkərdələr təhqir edilmiş. O səbəbdən işlər bu yerə gəlmiş. Qızlar və oğlanlar Maral oturduğu taxt-rəvanın qarşısında oxuya-oxuya gəlirlər. Qızlar — Bahar gəlir gülə-gülə, Dağdan qarı silə-silə Oynadıqca ağ buludlar, Dağ döşündə quzu otlar. Çaylar axar coşa-coşa Qırqavullar qoşa-qoşa Çam üstündə nəğmə başlar, Rəqsə gəlir al yoxuşlar. Qızlar oxuyub rəqs edirlər. Fəramərzin bacıları Maralın qolundan tutub düşürür və onu balkona çıxarırlar. Qərənfil — Xoş gəldin, şadlıqdan tutulur dilim, Ayağın altında qurban kəsilim. Ağrın ürəyimə otur rahat ol, Bilirəm incitmiş səni uzaq yol. Sənə qurban olsun bu yoxsul koma, Şərəf qazandırdın mənim oğluma. Maral — (Onun əlindən tutur.) Təqdirə layiqdir sən kimi ana, Qəhrəmanlıq dərsi verdin oğluna. Bəslədin elə bir qayıtmaz aslan, Onunla fəxr edir Azərbaycan. Təbrik eləyirəm səni ürəkdən, Razıyam, anacan, bu düz-çörəkdən. Qorxmaz — (Gəlib baş endirir) Şahzadə, etmisən bizi şərəfraz Maral — Səndəmi çəkildin cəbhədən Qorxmaz? Döyüş sənətindən səndəmi doydun? Düşmən qarşısında bizi tək qoydun? Mühit sənidəmi geriyə atdı? Sənindəmi qəlbin xalqını satdı? Qorxmaz — Nə edim şahzadə, çəkilir ordu, Bu sonsuz döyüşlər məni də yordu. Uduzduq, şahzadə, bu son səfərdə. Ordu pozulmuşdur, yoxdur sərkərdə. Hər kəs bir tərəfə baş alıb gedir, Düşmənə verilir ölkələr bir-bir. Vuruşsaq da yoxdur bizə bir fayda, Çünki düşmən satır bizi sarayda. Maral — Saraydan qovulmuş ölkə satanlar, Qorxmaz — Satmamış bir bucaq qoymamış onlar. Bir saray qalmışdır, bir də təxtü-tac, Xəstəlik böyükdür, tapan yox əlac. Milli qürurumuz məhv olmuşdur, ah, Təxtü-tac da gedər bu gün, ya sabah. Maral — Gedib xəbər verin Fəramərz gəlsin Ona qonaq gəldim üz döndərməsin. Doğrudur yaxşılıq görmədi bizdə, Qonağa hörmət var ənənəmizdə. Qərənfil — Bu cürə düşünmə, qurbanın olum, Şikara çıxmışdır dünəndən oğlum. Doğrudur vacibdir qonağa hörmət, Qonaq girməyən ev görməz bərəkət. Dönməz — (tələsik daxil olur) Gedib xəbər verdim, gəlir Fəramərz, Maral — (Sevinərək) Səndən çox razıyam qəhrəman Dönməz. Fəramərz — (Çiynində bir ceyran cəmdəyi daxil olur) Bu körpə ceyranın ətindən bir şiş Kabab çəkib yemək günah deyilmiş, Maral — (kənara) Dilində əzbərdir ceyran gəlməsi. Çınladı başımda keçmişin səsi. Ceyranı sevirmiş yoxsa pəhləvan? Ürəyim partlayır, qısqandım aman! Fəramərz — (Gəlib baş endirir) Xoş gəlib şahzadə bu yoxsul kəndə, Maral — Kəndiniz buraxır xatirə məndə. Fəramərz — Bir şe’r ilhamıdır bu şən mənzərə, Ceyranlı səhralar, şahinli dərə. Maral — Nə çox əzbər olmuş dilində ceyran. Fəramərz — Ceyran şikarını çox sevər insan. Maral — (Gülümsəyir) Ceyranı salarsan bəzən kəməndə Bəzən kəsilərsən bir elə bəndə... Fəramərz — Sevənlər belədir öz həyatında, Bəzən inləyəcək ayaq altında, Bəzən də salacaq ayaq altına, Gülmə sevənlərin bu həyatına. Maral — Kəndiniz bir şe’rin ilhamı kimi, Qoynuna almışdır mənim qəlbimi. Fəramərz — (Kəndin təbiətini göstərir) Bağlarının döşündə nar, dağlarının başında çam Bu dilrüba təbiəti yaratmışdır hansı rəssam? Səyyahların əzbəridir bu yerlərin təbiəti, Bir gün mahir sənətkarlar yazacaqdır bu sənəti. Bir gün sınmış kitabələr dirildəcək yenə bizi, Bu gözəllik yaşadacaq bizim nəcib nəslimizi. Bir gün qoyar bu nəcib xalq Fərhadının heykəlini Bayrağında gəzdirəcək Keaxsarın tunc əlini. Bir gün müdhiş hadisələr atsa bizi bu həyatdan Lakin böyük adımızı silə bilməz kainatdan. Maral — (Qəmkin bir vəziyyət alaraq) Artıq məhv oluruq bu kainatdan Silir hadisələr bizi həyatdan. Bizdən üz döndərir get-gedə iqbal, Bunun üçün gəlmiş yanına Maral. Fəramərz — Düşünün şahzadə, belədir iqbal, Bə’zən iqbal səni edər istiqbal Bə’zən də çevirər səndən üzünü, Dalınca düşsən də illər uzunu, Bir daha üzünü sana döndərməz. Maral — Keçənlər keçibdir, igid Fəramərz, Məktub gətirmişəm qoca Bəhməndən, Öz tərəfimdən də yalvarıram mən, Vur köhlən atına bir daha məhmiz. Nə üçün çəkildin, dağılırıq biz. Yalvarıram eşit xalqın səsini Qoyma od içində od ölkəsini. Fəramərz — Saray boşalmasa satıçılardan, Sərtac qovulmasa bizim diyardan, Şah tanımayınca dostu, düşməni, Dostlar cərgəsində görməsin məni. Qonağsan yerin var gözüm üstündə. Maral — Gəlmişəm yanına çətin bir gündə, Göz yum günahıma, məndədir təqsir, Bağışla, etmişəm mən səni təhqir. Burax şəxsiyyəti xalqına yanaş, Düşmənə buraxmaz qardaşı qardaş. Qərənfil — (Fəramərzə açıqlanır) Doğrudur varındır böyük cəsarət, Olmasa kişidə bir az nəzakət İgidlik, cəsarət nəyinə lazım? Qarşında qadındır, düşün, utan bir. Maral — (Fəramərzə) Al Bəhmən göndərən məktubu oxu. Qərənfil — (Fəramərzə) İgid ol, girməsin qəlbinə qorxu. Fəramərz — (Marala) Gedib rahat olun evdə bir qədər Çox çətin deyildir bu məsələlər. Qərənfil və qızlar Maralın qolundan tutub otağa aparırlar. Maral — (Fəramərzə) Tək bir sözünlədir mənim rahətim. Fəramərz — (Marala) Bəhmən nə yazmışsa var itaətim. Hamı gedir, Fəramərz, Qorxmaz və Dönməz qalır. Qorxmaz — (Fəramərzə) De görüm məktubda nə yazıb Bəhmən? Küsdünsə yetişər, məhv olur ölkən. Biz düşmən deyilik vətənə qarşı Atmaz yaman gündə qardaş-qardaşı. Fəramərz — Al oxu məktubu, ağla doyunca, İmdada çağırır bizi o qoca. Qorxmaz — (Məktubu oxuyur) Xalqınla bir ağla, xalqınla bir gül, Birliklə daima həll olur müşkül. Söylə qılıncını paslatdımı qın Gözün baxa-baxa döyülür xalqın. Şöhrət qazandığın vuruşmalarda Şirləri bağlayan kəməndin harda? Sındımı əmudun polad başlarda? Yoruldunmu yoxsa bu yoxuşlarda? Dözmürmü qalxanın yoxsa qılınca? Xalqın yorulacaq sən qalsan dincə. Bir zaman heyrətli lövhələr açdın, Tez şöhrət qazandın, tez qoyub qaçdın. Xalq çəkir adını yüz ehtiramla, Sən də xidmətini gəlib təmamla. Doğrudur qazandın ölkədə ad, san, Hələlik tarixə yazılmamısan. Cəbhəyə gedirəm son nəfəsimdə, Hələlik var təsir qoca səsimdə. Vəsiyyət edirəm, mən ölən kimi, Zəfər meydanında qazın qəbrimi. Fəramərz — (Fikirdən başını qaldırır) Düşmən vətənimdə at çapan dəmdə, Qalır məs’uliyyət mənim öhdəmdə. Bir daha icazə alım anamdan, Bir də köhlən atı çıxarım xamdan, Parlasın qılıncım qövsü-qüzeh tək, Əmudum başlardan çıxarsın şimşək. Qərənfil — (Gəlir) Deyin nədir səbəb uzun söhbətə? Məktubmu salmışdır sizi heyrətə? Fəramərz — Məzəmmət almışam qoca Bəhməndən, Anacan, incimiş o qoca məndən. Düşmənlər tapdayır vətənimizi, Çağırırlar yenə döyüşə bizi. Qərənfil — İndi ki, hiss edir vətən təhlükə, Get, oğlum, adına düşməsin ləkə! Fəramərz — (Qorxmaza) Dayanmayın daha atları çəkin, Gərək hərbə girək səhərə təkin. Polad Fəramərzin qərargahında şeypur çalır. Silahlanmış igidlər sürətlə gəlirlər. Qərənfil — (Fəramərzin qılıncını gətirir) Al yəhər qaşından bu qılıncı as, Atandan qalmışdır bu böyük miras. Fəramərz — (Qılıncı alıb baxır və qaytarır) Yaramaz, qısadır bu qılınc, ana, Qərənfil — Qısa qılınc lazım gənc pəhləvana. Qılınc qısa olsa qalmayır şübhəm, Atarsan irəli daha bir qədəm. Fəramərz qılıncı alır, Polad atını gətirir. O, atını minir, onun yanınca igidlər bayrağı aparırlar. Fəramərz — (Anasını öpür) Biz yola düşürük, qalın salamət. Əziz qonağıma göstərin hörmət. Fəramərz atı məhmizləyib gedərkən Maral otaqdan çıxıb onun dalınca baxır. Maral — Əgər atmasaydın mənim sevgimi, Sevərdim səni mən bir dəli kimi! Pərdə Səkkizinci şəkil Aysori imperatoru Saragoşun sarayıdır. Behnaz pəncərənin qarşısında qəmkin bir vəziyyətdə durub Dəclə çayına baxır. Behnaz — Dayan deyim dərdlərimi baş alırsan hara dalğa Yoxsa sən də tələsirsən yetmək üçün yara dalğa? Dur günəşin şəfəqləri döşlərinə vursun bəzək, Dayan, getmə, dərdli qızam, gəl məni də qoynuna çək. Çırpınırsan suya düşən bir qartalın qanadı tək, Hansı ovçu vurmuş sənin qanadına yara dalğa? Çırpınırsan sevgisindən məhrum olan bir qız kimi, Titrətdikcə oxşayırsan mənim məhzun ürəyimi. Tələsmə dur, bu sür’ətlə axtarırsan söylə kimi Sənindəmi günün olmuş saçım kimi qara dalğa? Söylə nədir döşlərindən dinlədiyim o həzin səs? Qəlbindəki döyüntülər, çırpıntılar nədəndir bəs? Bir dilə gəl, sevgindənmi məhrum etmiş səni bir kəs? Yoxsa sən də çəkilmisən saçlarından dara dalğa? Behnaz bu sözləri danışarkən qardaşı Şəhriyar sütunun dalında durub eşidir. Behnaz əllərini gözlərinin üstünə qoyub Dəclə çayına atılmaq istərkən Şəhriyar onu tutur. Şəhriyar — Dayan bədbəxt bacım, bu qorxaqlıqdır, Yaşamaq mümkünsə ölüm artıqdır. Qovulduq mehriban vətənimizdən, Taxtımız-tacımız alındı bizdən. Səni sarayından qovdu Astiaq, Məni də rədd etdi o doğma torpaq. Qaçıb bu ölkəyə pənah gətirdim. Behnaz — Mən də əsirliyin qoynuna girdim. Şərəfli bir həyat deyildir mümkün, Burda ölüm gəlir həyata üstün. Şəhriyar — Alınmaz qəl’ədir, bu möhkəm qəl’ə Gəlsə yüz Fəramərz verilməz ələ. Kim qalib gələcək Sarağoş şaha? Qəl’əni gözləyir yüz min əjdaha. Fəramərz yorulub düşübdür candan, Kömək gəlmir ona Azərbaycandan. Çəkilib gedəcək bu gündür, sabah, Çalış razı qalsın səndən padişah. Behnaz — Razı qalmayacaq Fəramərz məndən, Nicat gözləmirəm mən o düşməndən. Şəhriyar — Vəfa göstərmədi sənə Astiaq. Behnaz — Vəfasız da olsa deyildir alçaq. Şəhriyar — Utan, etmədimi o səni təhqir? Behnaz — Hiylə qurbanıdır, deyil müqəssir. Sən xain çıxmısan o doğma yurda, Mən də xanım deyil, əsirəm burda. Özün satılmışdın, məni də satdın, Azad bir qadından əsir yaratdın. Şəhriyar — Təslim ol ərinin iradəsinə, Astiaq səs verməz sənin səsinə. O məğlub olacaq, nicat müşküldür, Təslim ol ərinə, baxtını güldür. Səndən asılıdır mənim iqbalım. Behnaz — Utan dediyindən, satıcı zalım. Təslim olmayacaq düşmənə Behnaz Özüm də ölərəm, o da sağ qalmaz. Məğlub olmayacaq Azərbaycan. Şəhriyar — (Gedərkən) Harda qaldı şərəf, nə oldu vicdan?! Behnaz — (tək qalır) Gənc ikən bu iqbal məni aldatdı, Azad vətənimdə məhbəsə atdı. Bir xatirə qaldı Kür qırağından, O çan yaylağından, Kəpəz dağından. Coşqun şəlalər ağlayır mənsiz, Bülbüləm yuvasız, quşam vətənsiz. Kür çayı coşanda, qar əriyəndə Quzular mələşib girəndə kəndə, Şadlığa qərq olub gəz Qarayazı Xatırla Behnazı, əsir Behnazı. Beba — (Daxil olur) Şad etməsin səni bu vuruşmalar, Unutma ki, burda rəqibin də var. Burdan xilas olmaq daha çətindir, Ölümə hazırlaş, son saatındır. Behnaz — Nə demək istərsən bu ehtirasla? Rəqibim deyilsən, danışma əsla! Beba — Şöhrətim var mənim aləmdə, gözəllikdə təkəm, Gözələm, hüsn səmasında bir afət mələkəm. Od tutub yandı günəş çöhrəmə saldıqda nəzər Ay görüb alnımı Məcnun kimi göylərdə gəzər. Sərvlər bağda mənim qamətimin kölgəsidir. Bağçadan dinlədiyin sanma ki, bülbül səsidir, O mənəm, bülbülə dərs verdi mənim incə səsim. Gül alıb rəngini çöhrəmdən, ətirdir nəfəsim, Günəşəm, hər baxışımdan alır ulduzlar işıq. Dəli ceyranlar alır göz bəbəyimdən yaraşıq. Bu gözəlliklə mənim qarşıma çıxdın sən əbəs, Öl, yerindir bu əziyyətli, bu ziynətli qəfəs! Behnaz — Sevgin səni çevirmiş bir xəyalpərəstə, Xəyalpərəst olanlar da bir cürə xəstə. Lovğalıq da çirkinliyin bir hissəsidir, Səsin bülbül səsi deyil, bayquş səsidir. Nə ulduzlar şəfəq almış gün baxışından, Nə ceyranlar dərs almışdır yaraşığından. Çox dəm vurma gözəllikdən, adi bir qızsan, Lovğalanmaz gözəl insan, vüqarlı insan. Beba — Astiaqı gətirrəm yanıma bir qul kimi, Bir əsir tək yalvarıb öpəcək ayağımı. Sənin yanında onun tacını ayaqlaram, Sarayda ər kimi yox, əsir kimi saxlaram. Behnaz — Bu gün gələcək sənin hüzuruna Astiaq, Səni də, atanı da bu gün əsir alacaq. Qalmayacaq bir əsər bu şeytan yuvasından. (Gülür) Təzədən qoyacaqdır Astiaq sənə nişan. Fəramərzin qoşunları qalanın divarlarından həyətə düşməyə başlayırlar. Həyətdə vuruşma gedir. Beba xəncəri çəkib Behnaza hücum edir. Beba — Bilirəm məhv edər məni təhlükə, Öldürrəm sən dəxi olma məlikə. Behnaz — Sən məhv olacaqsan ona yox şübhəm, Bacarsan gəl öldür, durmuşam möhkəm. Bıçaqları çəkib bir-birlərinə hücum edirlər. Beba — Səni sağ qoymaram son dəqiqəmdə, Ağlasın Astiaq təzə matəmdə. Behnaz — (Bıçaqla onu öldürür) Arzuna çatasan öz əməlində, Ölsəm də ölərəm adam əlində. Beba qışqırır, yıxılır, səsə otaqlardan qız və qadınlar gəlir. Onlar meyidi görüb, qışqırıb qaçırlar. Behnaz qapını açıb çıxmaq istərkən qapıların daldan bağlandığını görür, Behnaz meyidə baxaraq gülür. Nineva sarayının günəşi söndü, Deyəsən dünyanın məhvəri döndü. Günəşə üstündür müqəddəs atəş, Ey müqəddəs Hürmüzd bitir keşməkəş. Haman — (Əlində qılınc silahlı nökərlər ilə daxil olur. Behnaz bıçaq əlində bucağa qısılır). Arran sarayından səni qovdurdum, Qəlbinə sağalmaz bir yara vurdum. İndi sənə vurum elə bir yara, Qanın zinət versin bu divarlara. Behnaz Hamanla vuruşarkən Fəramərz adamları ilə daxil olur. Fəramərz — Dayan, tərpənməsin yerindən bir kəs, Qırılır zəncirlər, dağılır məhbəs! Dayanın, dəyişir həyatın rəngi Pozulur sarayın köhnə ahəngi! Vuruşurlar, Fəramərz Hamanı öldürür, özü də başından yaralanır. Behnaz — (Fəramərzə) Qüvvət versin sənin qoluna Yəzdan! Fəramərz — (Baş endirir) Şahzadə hökmdar gəlir bir azdan. Behnaz — Bu son zəfərindən sevindim qəlbən, Nicat verdi mənə böyük qələbən, Üstümə gülərdi əsirlik, ölüm, Yəzdana min şükür açıldı qolum. Fəramərz — (Sarayı gözdən keçirir) Əsir dünyasıdır gözəl otaqlar, Tavus qanadı tək bəzənən taqlar Qanlı bir tarixin kitabəsidir, Gəlin məzarıdır, qız türbəsidir. Nə qədər müdhişdir mərmər sütunlar, Əsir kəmiyindən düzəlmiş bunlar. Qapılar açılır, əsirlər salona daxil olur, Fəramərzə dua edirlər. Qızlar və qadınlar — Qüvvət versin sənin qoluna Yəzdan! Qırıldı zəncirlər, dağıldı zindan. Yüzlərlə qız, qadın burada inlər, Yolunu gözlərdi əsir gəlinlər. Astiaq — (Silahlı adamlar ilə daxil olur) Zəfərin mübarək böyük qəhrəman, Minnətdardır sənə Azərbaycan. Aldın əsirlikdən nəcib xalqımı, Sevirəm səni mən öz ruhum kimi. (Astiaq məlikəsini görür) Sevgili məlikəm, məni bağışla Qəlbimi ələ al məsum baxışla. Behnaz — (Başını qaldırır) Keçənlər keçibdir, dostunu tanı, İradə yaşadır şahım, insanı. Fəramərzin qardaşı Dönməz, əmisi oğlu Qorxmaz əsir edilmiş padşahları, Astiaqın vəziri Sərtacı və qaynı Şəhriyarı gətirirlər. Fəramərz — (Əsirləri təqdim edir) Aysoru şahıdır qabaqda duran, Bu Akad şahıdır, bu biri İran, Bu da Askitlərin hökmdarıdır, Bu da ki, Cənubun Şəhriyarıdır. Şəhriyar — (Bacısı Behnaza) Qurtar məni Behnaz bu təhlükədən, Qurtar, baş götürüm, gedim ölkədən. Behnaz — (Onu rədd edir) Ayrıldın vətəndən, məndən, millətdən, Ölümlə çıxarsan bu rəzalətdən. Fəramərz — (Padşaha baş endirir) Şahın düşmənlərini, döydüm, intiqam aldım, İcazə ver qayıdıb öz yaramı sağaldım. Səninlə barışmıram, düşmənliyimdə varam. Astiaq — Təbibləri çağırın, yaralıdır qəhrəman! Çərrahları gətirin, hazır eləsin dərman! Fəramərz — Bağışla, hökmdar, ərzim var mənim, Əlimdə qalmamış ixtiyar mənim. Aləm təbib olsa sağalmaz yaram, Üstümə gəlməsə nazlı yar mənim. Ceyran və Maral irəli keçib başlarından dəbilqəni götürürlər, saçları çiyinlərinə tökülür. Maral — (Fəramərzə) Qəbul etsən əgər mənim sevgimi, Əlinə tapşırram, öz ürəyimi. Fəramərz — (Üzünü Ceyrana tərəf çevirir) Gəl yaramı bağla sevgilim Ceyran, Bir kəlmə söz deyib, ver mənə dərman. Ceyran — (Onun başının yarasını bağlarkən utana-utana) Sevirəm! Fəramərz — Nə qədər dadlı bir kəlmə! Ey təbib, bir daha üstümə kəlmə! Artıq öz təbibim üstümə gəldi, Unutdum yaramı, ruhum dinçəldi. Maral — (Ceyrana) Sənə əmr edirəm, çəkil sevgindən, Çıxar Fəramərzi öz ürəyindən, Onu mən sevirəm illərdən bəri. Ceyran — (gülür) Təbrik eləyirəm bu sevgiləri. Fəramərz — Sevmək istəmirdin bir rəiyyəti, İndi nədir doğan bu məhəbbəti? Ərə getmək üçün şah axtarırdın, Şahlar hüzurunda məqsədə vardın. Sənin əlindədir bu padşahlar, Əfv edilməyəcək keçən günahlar. Ceyran — (Onun yarısını bağlayır) Dayan bir dəqiqə, böyük qəhrəman, Bağlasın yaranı sevgilin Ceyran. Fəramərz — Ey ürək, çırpınma, rahat ol bir an, Axıb gözlərimə tökülmə ey qan! Qoy baxım doyunca nazlı yarıma, Zəfərlə qayıdım öz diyarıma. (Fəramərz yenə də Marala baş endirib Ceyranla bərabər gedir). Astiaq — (Fəramərzin dalınca) Mənim ölkəm üçün bir iftixarsan, Təəssüf olsun ki, çox inadkarsan. Maral — (Fəramərzin və Ceyranın dalınca) Əbəs mail oldum şöhrətə, ada, Sevgi nə şah anlar, nə də şahzadə. (Başını sarayın sütununa söykəyib ağlayır.) Pərdə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-maral İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.