Mənzum hekayələr Məmməd Səid Ordubadi (1872–1950) Karvan Mən gəlirdim keçən il İrandan, Qarşıma çıxdı bir böyük karvan. Yüklənib dörd ayaqlı heyvanlar, Kötək altında inləyib yortar. Yüklü heyvan çamurda, palçıqda, Döyülür azca dinçin aldıqda. Dalıda bir öküz yorulmuş ikən Ona hər kimsə bir böyük düşmən. Döyülür, tapdanır, fəqət dinməz, Başını qaldırıb da qırçınmaz. Döyülüb tabsız uzanmışdı, Kötəyi bir vəzifə sanmışdı. Ona quya hüquq imiş mallıq, Zatına bir şüar olub lallıq. Nə arar bir nicat üçün tədbir, Nə də əcz eyləyir o dilsiz əsir. Dinməyir həqqinə edirlər zor, Ağac altında ölməyə məcbur. Nə qılar zülmdən dərin fəryad, Nə edər bir nəfərdən istimdad. Həll edər hər müqəddəratın ağa, Öküzü xəlq edən odur quya Acığım tutdu qafil heyvana, Dedim: aldanma haqsız insana. Başını salma daima aşağa, Bir oyan, gör nə hiylə etmiş ağa?! Sənə daim çatır ağır bir yük, Yaramaz bunca qafilanə sükut. Yaramaz bunca e’tidal sükun, İbrət al qonşulardan, olma zəbun! Dəyişib sən düşündüyün dünya, Sən yenə əski gündəsən amma! Ağada yoxsa mərhəmətdən əsər, Dinləmək sizdə bir ədəbsə, yetər! Bu itaət deyil, cəhalətdir, Səndə bu bir dərin səfalətdir. Sənə lazımsa gər bir istiqbal, Yükü boynundan at, hüququnu al! Yaşamazsan bu hal ilə hərgiz, Yaşayış olmamış mübarizəsiz. Gecə-gündüz, igirmi dörd saat, Sənə yoxdur doyunca bir rahət. Anla, bil, zəhmətin nə qiyməti var, Anlamırsan, olursan istismar. Ağana artıq e’tibar etmə, Özünü yorma bunca, incitmə! Ağanın bil nədir təmənnası, Bu adın müftəxordu mə’nası. Yaşayışda hər iş mübarizədir, Öküz olma, cahanı anla nədir! Bax nə növ’ hüquq üçün insan, Qaldırır hər məkanda bir üsyan! Sən də insandan al bir az ibrət, Qoşul insana, eylə bir himmət! Cəhd qıl, nəslin olsun azadə, Sən də asudə ol bu dünyadə! Dedi heyvan: nədir bu söhbətlər, Vəhşilərdən mənə danışma, yetər! Demə artıq inandığım insan, Məni üzməkdən həzz alır əl’an. Sizdəki incə, möhtəşəm sima, Bizi təzyiqə dam imiş quya. Bilmədim dəhrdə hər iş zordur, Bizə dünya ölümlü bir tordur. Sizdən ol qədri görmüşəm dəhşət, Mənə vermişsiz olmazın zəhmət. Nə baxım bircə qanlı cəllada? Nəfsidir hər xəyalı dünyada. Öldürür, incidir, əzir daim, Ona öz qarnıdır fəqət lazım. Başlarız biz də bir gün üsyana, Vurarız zərbə yolsuz insana. Məhv olar bizdə hökm edən qəflət, Qurarsız bir işıqlı cəmiyyət. Düzələr bizdəki pərişanlıq, Yaşamaz kütlədə bu nadanlıq. Adımız bir daha öküz qalmaz, Sinfimiz bir bu qədri alçalmaz. * * * Kənd alverçisi 1 Görməmişdi ümum kəndistan Hacı Şə’ban tək «iş görən» insan. Dükanı, mülkü, bağı, bostanı, Özü kəndin böyük bir ə’yanı. Kənd xalqı nüfuzu altında, Hər bir övzai həddi-zatında. İş görənlər əlində istismar, Rəncbər, fəhlə, işçi, sən’ətkar. Kəndxuda həm əlində bir alət, O da əmrində hazır hər saət. Molla, seyyid böyük tərəfdarı, Ağanın da, bəyin də həmkarı. Oğrular, əyrilərlə də əlbir, Hacıdan cümləsi alır tədbir. Şəhrdən kəndə gəlsə bir hakim, Hacı Şə’ban qonaqlayar daim. Şöhrəti tutmuş idi hər yanı, Hər məhərrəm, orucluq ehsanı. Din idi, məzhəb idi alatı. Pul idi hacının xəyalatı. Bu qərar ilə daima kəndi, Tora salmışdı hacının fəndi. Söhbəti Məkkədən, Xorasandan, Rəhmdən, mərhəmətdən, imandan. Kərbaladan salan zaman söhbət, Gözünün yaşı eyləyir şiddət. Vuraraq Murtəza Əlidən dəm, Qolsuz Abbasa and içər hər dəm. Daima toplayanda dehqanı, Gətirir ortaya Xorasanı. İşçinin haqqını kəsən dəmdə, Dili daim Minada, Zəmzəmdə. Var idi onda cürbəcür hiylə, Pul yığardı bu dəstkah ilə. Söyləyər, — almaram pula tənzil, Bərəkət var, pulum daşır hər il. Bircə şahi riba yeyə hər kim, Özün eylər cəhənnəmə təslim. Allahın hökmü, əmri, qur’anı, Mən’ qılmış ribadan insanı. Bərəkət var halal alverdə, Eyb edən yox halala heç yerdə. Mənim hər bir işim ticarətdir, Belə kəsbin özü ibadətdir. Bilmərəm öz varımda bir nöqsan, Dönmədim allahın rizasından. 2 Kəndə başlanıb soyuq bir qış, Bahalıqdan çətinləşib hər iş. Xırda bitmiş bütün tədarüklər, Arpa, buğda, düyü bitib yeksər. Qar düşüb dağı-daşı bərkitmiş, Yox taxıl, təknədən çörək bitmiş. Dəridə yoxdu bir ovuc pendir, Neçə gündür ki, yanmamış təndir. Neçə gündür Əli kişi naxoş, Dava-dərman gərək, fəqət cib boş. Balalar ac, tapılmayır əppək, Neftsiz lampa, şorbasız çömlək. Şəhrdən yox gedən-gələn kəndə, Əli həsrət çəkirdi çay-qəndə. Xəstəyə çox yaman keçir dünya, Satmağa yox dəyərli bir əşya. Neçəsindən sual edib borc pul, Əlinin olmamış ricası qəbul. Qalmış idi yazıq Əli heyran, Dedilər un satır hacı Şə’ban. Xəstə bu sözdən oldu çox xoşhal, Hacı Şə’bana yetdi bu əhval. Dedi: — Mən nisyə mal satan deyiləm, Kənd məxluqun aldadan deyiləm, Un üçün olsa gər Əli möhtac, Qoymaram ol fəqiri hərgiz ac. Gəlib alsın, nə eybi, bir put un, İşləsin yaz olan kimi beş gün. Buna oldu Əli kişi məcbur, Yox idi bundan özgə bir məqdur. Un deyib sorsa rəncbər, dehqan, Deyir öz şərtini hacı Şə’ban. 3 Qış qurtarmış, çiçəklənir bağlar, Ərimiş qar, yaşıllanıb dağlar, Çıxarıb baş bənövşələr yerdən, Açılıb bağda nəstərənü süsən. Sular axdıqca otlanır torpaq, Ota çıxmış qoyun, quzu, oğlaq. Zəmilər işlənir, toxum səpilir, Qız, qadın əlləşib əkirlər xır. Çölə sürmüş öküzlərin dehqan, Çalışır xalq, şumlanır hər yan. İşləyir xalq, yox gəzən işsiz, Hacı Şə’ban işləmir yalnız. Qışda hər kəs alıbsa bir pud un, İşləyir qış çıxan zaman beş gün. Yatır amma Əli kişi xəstə, Yox görən, iş tökülmüş iş üstə. Çalışıb oğlu, arvadı ancaq, Əkmiş idi fəqət bir az torpaq. Hacı Şə’ban gəlib səhər daim, Ona bir beş gün işləmək lazım. Kəndxudanı hacı qılıb də’vət, Ona verdi bir az şəkər rüşvət, Dedi: — Bu halə bir əlac eylə, Bir manat gündə müzd alır fəhlə. Əli gər işləməsə düz beş gün, Verə səkkiz manatı namümkün. Kəndxuda hacıya qılıb hörmət, Dedi: — Yox işdə bir ağır zəhmət, Verməsə pul Əli kişi bişək, Döyərəm tanrı haqqı heyvantək. Kəndxudanın əlində bir şallaq, Əliyə bir neçə kərə çalçaq, Ağladı xəstə, eylədi fəryad, Dedi: — Rəhm et yoxumdur heç bir zad. İndi yox bir qəpik də pul məndə, Verərəm hər nə olsa xırmanda. Kəndxuda aldı xəstədən imza, Verə xırmanda altı put buğda. Hacıya bu xəbər yetən saət, Dedi: — Mollaya var yenə hacət, Oxusun siğə ta halal olsun, Mənə buğda xüsusi mal olsun. Çünki ömrümdə almadım tənzil, Etmədim bir haram mal təhsil. Çağırıb hazır etdilər molla, Oxudu siğə, bitdi hər sevda. 4 Onda ki, bağlayırdı baş buğda, Kəndə yağmadı heç yağış əsla. Qurudu buğda, arpalar yandı, Ot-ələf bitdi, xırlar odlandı. Sulu yerlərdə varsa hər bir zad, Onu qıldı çəyirtkələr bərbad. Qalmış idi Əli kişi heyran, Bu işə tapmayırdı bir dərman. Yox idi borca verməyə malı, Ac idi, pis keçirdi əhvalı. Bahalıq çulğamışdı hər yanı, Əzrailtək qırırdı dehqanı. Yoxdur əppəkdən orda bir asar, Buğdadan kənddə fəqət bir ad var. Hacı Şə’ban yenə açıb dükkan, Un satır xalqa tor qurur hər an. Tapmayır xalq başqa bir çarə, Pulu yox cibdə, qalmış avarə. Pulu da istəməz hacı amma: «Bircə put buğda, bir çərək barama». Yox çörək, çarəsiz qalıb rəncbər, Hacının şərtini qəbul eylər. Belə bir gündə kəndxuda, molla, Hacı Şə’banı qoymayır tənha. Yazır hər gündə molla «şərtnamə», Kəndxuda qaldırırdı həngamə. Əlini axtarır hacı Şə’ban, İstəyir höccət almağa ondan. Əlidən aldı höccət icbari, Elədi molla siğəsin cari. Elə ki, kəndə noyan gəldi, Yenə də qəmli bir zaman gəldi. 5 Barama az qalır ola hasil, Bir xəbər gəldi kəndə naqafil. Kəndxuda kəndə eyləmiş e’lan, Yığacaqdır qalıqları divan. İki gün keçdi, qəm tutub kəndi, Barama evləri möhürləndi. Əlinin oldu yığma hər malı, Ona bağlıydı cümlə amalı. O dəxi verkiyə gedib yeksər, Hacı Şə’ban salıb qiyamətlər. Barama hər putu igirmi manat, Əlidə yox fəqət bu pul, heyhat. Yenə də mollanı edib hazır, Etdi iclas kəndxuda, tacir. Dedilər: — Yox bu xalqda taqsır, Çün qəzadan gəlir bu cür təqdir. Bitmədi buğda, olmadı bostan, Baramanı dəxi alıb divan. Kəndlilər çıxdı cümlə var-yoxdan, Qalır ancaq ümidi pambıqdan. Əli və’d eylər altı pud pambıq, Hacı Şə’ban inanmayır artıq. Söyləyir: — Bağçanı girov qoysan, Bütün işlər sənə olar asan. Behi-şərt bir halal əmək bişək, Oxudaq siğə bir müsəlmantək. Altı put pambığı verərsən sən, Cıraram kağızı həmən gün mən. Yazılıb mülkə behi-şərtnamə, Molla qol çəkdi bu sərəncamə. 6 Hacı Şə’ban tutub böyük ambar, Toplayır orda hər nə pambıq var. Yox yığan ondan özgə bir misqal, Pambığı qışdan eyləmişdir mal. Hər kəsə bir put un verib əvvəl, Barama, pambığa açıb ənkəl. İnhisara alıb bütün kəndi, Xalqı lüt qoymağa tapıb fəndi. Baramanı yığıb tamamilə, Pambığa sazlamış dəxi hiylə. Kimdə ki, pambıq olmamış mümkün, Behi-şərtə çıxıb bağın, mülkün. Əlinin bağçasın şəriətlə, Hacı bəl’ eylədi çox himmətlə. Bu işə molla verdi bir fitva, Kəndxuda gəldi, bitdi hər dava. Bir put un verdi «mö’təbər» hacı, Qış günündə «doyurdu» möhtacı, Oldu bir bağça bircə put qara un, Kəndxuda, molla həm buna məmnun... Kənddə belə idi hər bir iş, Gəlməsin bir daha fəna keçmiş! Doqquz ay çəkdi rəncbər zəhmət, Hacı Şə’banlar eylədi rahət. * * * Toy gecəsində 1 Axşam saat onda lampalar yanır, Üfüqlər get-gedə qaranlıqlanır. Qayadan sürüsün ağnadır çoban, Qoyunlar, quzular mələr yanbayan. Əkindən qayıdıb gələn çütçülər, Atların kişnədər, öküzün sürər. Kəndin hər yanında insan qaynaşır, Ülkər axıb gedir, qayadan aşır, Bulud qara çarşab çəkir ulduza. Meşələr bənzəyir qəmgin bir qıza. Kəndlilər gedirlər istirahətə, Hər tərəf qərq olur bir sukunətə. Haq quşunun gəlir həzin nəğməsi, Eşidilir hərdən bayquşun səsi. O səslər qəmli bir dastan deyir, Bir kəndli qızının qəmin söyləyir. Ara sakitləşir, gəlmir səs-səmir, Ancaq çox uzaqdan bir işıq gəlir. 2 Saat on ikidə çəkilməz nəfəs, Lakin bir binadan ucalırdı səs. Qadınlar toplanıb oynayır, çalır, Qızı köçürməyə az zaman qalır. Qız-qadın bir-birə vermiş əllərin, Qızlar yallı gedir, utanır gəlin. Qarışıb bir-birə çalan-çağıran, Dəfini oynadan, sazını çalan. Oğlanlar oynayır, qızlar oturur, Qızlar oynayanda oğlan əl vurur. Heç kəs istəmirdi açılsın səhər, Oğlan-qız danışıb gözlərin süzər. Gəlinlər danışır, qızlar qısqanır, Tərlər damçılayır, yanaq islanır. Ancaq bir otağın hər yanında qəm, Hər bucağa baxsan görünür ələm. 3 Gəlin aparmağa gələn dəstələr, Qapıda yığışıb intizar çəkər. Qonum-qonşu tutub Tellinin yanın Biri ənnik sürtür, biri kirşanın, Birisi gəlinin bağlayır belin, Saçlarını hörür, darayır telin. Hər gələn qucaqlar, soruşar halın, Yaşmağın düzəldər, bağlayar şalın. Təsəlliler verər gəlinlər ona, Qızlar həsrət ilə baxar boyuna. Lakin ağlayırdı könülsüz gəlin, Gözünün üstündən qaldırmaz əlin. Nişanlanan gündən ərin istəməz, Ata qorxusundan «getmərəm» deməz. Fürsət tapan kimi qaçar eyvana, İntizar, intizar baxır ormana. Başın dolandırır solundan sağa, Sirrin aya söylər, dərdlərin dağa. Bir kəsi axtarır bəlkə də gözü, Ona aşkar idi hər gizlin sözü. Günün birisində komsomol Sona, Bir yardım və’dəsi vermişdi ona. Sonanın yanına göndərmiş adam, Xəbər gəlməmişdi dörd saat tamam. Hər zəif bir səsdən gözləyir nicat, Hər xırda qaraltı böyük bir həyat. 4 Saat biri çalır, xoruz banlayır, Ata yamanlayır, yengə danlayır. Xəbər verən yoxdur komsomol qızdan, Telli dışarıya qaçır durmadan. Ancaq az çəkmədən dəyişilmiş hal, Toy evində düşmüş böyük qalmaqal, Hər kəs bilmək istər gəlindən xəbər, Evi bucaq-bucaq gəzir yengələr. Atası qeyzindən tökür göz yaşın, Kürəkən əyləşib sındırır başın, Deyir: — Bərbad oldu arım-qeyrətim, Düşmənə qoşulub qaçdı övrətim. Kəbinli arvadı qaçıranlara, Gərək tutub vuram iki yüz yara. Qabaqca öldürəm gərək Tellini, Çünki bada vermiş məzhəbi, dini. Kürəkən silahlı axtarır qızı, Cəza vermək üçün həman arsızı. Dan yeri ağardı, açıldı səhər, Kürəkənə gəldi Tellidən xəbər. Ancaq kürəkəndə qalmamış qəzəb, Şübhəsiz var idi bunda bir səbəb. Arabir çoşaraq öz-özün döyür, Komsomol Sonanı xəlvətcə söyür. 5 Telli saat birdə çıxmış balkona, Qaçırmışdı onu komsomol Sona. Canavar əlindən qurtaran gəlin, Qəlbinə gətirmir şəriət, kəbin. Üstündə gördükcə gəlin zinəti, Toyu xatırlayıb edir nifrəti. Ənnikin təmizlər, kirşanın silər, Sün’i gözəlliyə nifrət bəsləyər. Silinir boyalar, yuyulur bəzək, Sadə bir gözəllik ay ziyası tək! Qızıl biləziklər, mina sırğalar, Biləkdən açılar, qulaqdan çıxar. Sürmədən təmizlər qara gözlərin, Əynindən çıxarar zərin-zivərin. Atar köhnəliyi üstündən tamam. Leninin yoluna eyləyər davam. Kənd qadınlarını qurtarmaq üçün, Telli sərf edərdi varlığın bütün. Verərək əl-ələ komsomol qızlar, Qadınlara azad bir dünya qurar. * * * Yurdsuz çocuq 1 Axşam qaranlığı, havalar soyuq, Uyumuş küçədə yurdsuz bir çocuq. Divarın dibində itkin yavrutək, Torpaq üstə düşmüş solğun bir çiçək. Üstün toz basmışdır qurumuş gülün, Qanadı sallanmış yazıq bülbülün. Qırılmış bir daşa söykəmiş başın, Ruzigardan torpaq basıb göz-qaşın. Əyilir, hər zaman sağ-sola dönər, Sudan çıxmış balıq yerdə çırpınar. Hava çiskinləşir, ruzigar əsir, Çocuğun üstündə bir cırıq həsir. Axıb getməkdədir insan selləri, Əsirdi payızın soyuq yelləri. Ayaqlar altında bir quş inləyir, Onun səsin ancaq torpaq dinləyir. Dağılıb gedərkən hər kəs bir yana, Çocuğa heç bir kəs etməz e’tina. Qalın əlbisəli çocuqlar tamam, Enişə, yoxuşa uçur izdiham. Analar yavrusun axtarıb durar, Pənbə flanellərlə baş-gözün sarar Yuxusun alanlar nahardan sonra, Ailəsin alıb qaçır bulvara. Çocuğa yanaşmaz bir nəfər insan, Yox qeydinə qalan, halın soruşan. 2 Çocuq tez-tez başın qaldırıb durar, Dilini çıxarıb dodağın sorar. O gözdən salınmış xəzan yarpağı, Yerləri qucaqlar, öpər torpağı. Əllərin qaldırıb silər gözlərin, Dinləyən ki, yoxdur həzin sözlərin. Gəzənlər çəkilir, küçə boşalır, Lampalar sönərək işıq azalır. Qapılar örtülür, gəlmir səs-səda, Bayırda yox kimsə ondan maəda. Uzaqdan qaravul sivistok çalır, Buludlar oynayır, yağış sallanır. Ulduzlar gizlənmiş, itmiş asiman, Hər yerdə baxırsan tutğun bir duman. Küçələr qaranlıq, görünməz işıq. Şiddətli qar-yağış yağır qarışıq. Damçılar düşdükcə köpük partlayır, Sular dalğalanır daşdan atlayır. Buludlar ağlayır, novdanlar axır, Hər daşın yanında bir şəlalə var. Səkilər islanır, sular yüksəlir, Divarın dibindən sel axıb gəlir. Çocuq islanırkən durur yuxudan, Anam harda deyib eyləyir fəğan. 3 Gündüz axşamacan gəzmiş hər yanı, Xəstələnmiş çocuq, incimiş canı. Divarın dibində getmiş yuxuya, Yurdsuz çocuq görür dadlı bir rö’ya. Ana qucağında bəslənən zaman, Atası can deyib səslənən zaman. Göründü gözünə evi-eşiyi, Yumşaq nənnisi, nazlı beşiyi, Başında laylalar çalır zümzümə, Gözü anasında ağzında məmə, Nəzərindən keçir çocuqluq çağı, Cənnətə bənzəyən ana qucağı. Gündüz axşamadək qoyulmaz yerə, Bacılar öpərək verər bir-birə. Bacı su qızdırar, ana çimdirər, Ata sevinərək paltarın verər. Biri gözün silər, canın qurular, Bacılar tələsib tellərin darar. Ata yerin açar, balınçın qoyar, Ana ağzın öpüb yorğanın salar. Bacı oyunçağın düzər yanına, Ata üzün sürtər gül yorğanına, Tük döşəklər üstdə dönər sağ-sola, Xəndələr içində uyuyar bala. Çocuq yetişərkən yeddi yaşına, Gözlənməz bir bəla gəlir başına. 4 Gecənin yarısı ağlar gələndə, Böyük bir həyəcan düşmüşdü kəndə. Göydən yağış kimi tökülür qurşun, Kəndi talayırdı bir ucdan qoşun. Alışıb yanırdı ot tayaları, Taxıl yığınları, odun ambarı. Talançı dəstələr evləri yardı, Bütün iş malların sürüb apardı. Arabalar dolur, atlar yüklənir, Kəndin hər yanından qışqırıq gəlir. Gənclər qırılır, qocalar ölür, Qız-gəlin dağılıb dərbədər olur. Dan yeri ağarıb sübh açılanda, İnsan xoflanırdı kəndə baxanda. Heyvan qismindən var beş-altı köpək, Sağ qalan varsa da tapmayır yemək. Qırılan qırılıb, sağ qalan qaçıb, Ağlar hər tərəfə atəşlər saçıb. Çocuğun yurdundan qalmamış əsər, Ailə qırılıb bitmiş sərbəsər. Dumanlar çəkilib bahar gələndə, Çocuqlar dağıldı kənddən kəndə. Vətəndaş hərbindən dərbədər düşən Divarlar dibində eyləmiş vətən. Sərvətin açdığı qanlı hərblər, Bir çox belələrin salmış dərbədər. * * * Vaiz və kəndli Gəlmişdi şəhərə kənddən bir nəfər, Dolaşıb hər yerə edirdi nəzər. Səhərdən dolaşıb axşama qədər, Gördü bir məsciddə molla və’z edər. Çıxarıb çarığın oturdu yerə, Qara gözlərini tikdi minbərə. Vaiz cəhənnəmdən söhbətlər edir, Əlin-qolun atıb başın tərpədir. Səsi kah alçalıb, kah yoğunlanır, Saqqalı tərpənir, döşü tullanır. Kəndli bu zamanda açdı başını, Ağladı, axıtdı gözdən yaşını. Vaiz bunu görcək düşdü heyrətə, Dedi: «Çox özünü salma zəhmətə. Mövizə vaxtında ağlamaq nədir? Mənim xəyalımca bu bir şübhədir. Görünür ki, məni salmısan ələ, Məscidə yalandan saldın vəlvələ». Kəndli söylədi ki, «Darılma mənə, Mən bunun səbəbin söyləyim sənə. Keçən ay başıma gəldi bir qəza, Ağlamaqdan başqa bilmədim dəva. Keçən ay eşşəyi ötürdüm çölə, Beş-on gün otlayıb bəlkə kökələ. Gecənin yarısı eşitdim bir səs, Səs gələn tərəfə qaçdım bir nəfəs, Gördüm bir-iki qurd eşşəyi sökür, Çəmdəyin dağıdıb, qarnını tökür. Heyvançığaz yatıb bulaşıb qana, Başını tullardı o yan, bu yana. Gözümün önündə ölüb verdi can, Ömrün sizə verdi o yazıq heyvan. Gümanım gəlirdi bircə ulağa, Oduna gedirdim onunla dağa. Əlimdən ulağı alandan qurdlar, Güzəran kəsilib, qalmışam naçar. Səsini eşitcək dərdlərim çoşdu, Zavallı ulağım yadıma düşdü. Ağlamağım fəqət bundan ötrüdür, Əfv edərsən, axund, dərdlərim budur.» * * * Molla və rəssam Bir nəfər molla, bir nəfər rəssam, Yol gedirdi vaqonda bir axşam. Mürgülər hey bütün müsafirlər, Yorulub bilməyir nə etsinlər. Usanıb bir-birilə söhbətdən, Təngə gəlmişdilər kəsalətdən. Molla aldı əlinə bir qur’an, Oxuyurdu vaqonda «Ərrəhman». Saldı rəssamı təngə ol halət, O da bir iş tapıb haman saət, Təklik etdi ona böyük tə’sir, Başladı çəkməyə o bir təsvir. Hər qələmdə baxardı mollaya, Düşdü bu işdə şübhə ortaya, Molla xişm ilə bükdü qur’anı Dedi rəssamə: — «Etmə nöqsanı, Deyiləm razı, çəkmə təsvirim, Sənə asanmıdır bu təhqirim? Şəkil çəkmək haramdır əlbət, Dinimizdə bu bir yaman sən’ət. Çəksə hər kimsə bir nəfər insan, Ona məcburdur ki, versin can. Heç zaman olmaram buna məmnun, Şəklimi çəksin hər yetən məl’un». Molla saldı vaqonda vurhavur, Səsə toplandı cümlə konduktor. Molla eylərdi daima şəkva: «Mən özüm bir nəfər fəqir molla, And ola qoltuğumda qur’ana, Gedirəm mən özüm Xorasana. Mənə zülm etdi bu haramzada, Tökəcək abırımı bu dünyada, Şəklimi görsə gər müsəlmanlar, Mənə nifrətlər eyləyər izhar. Dinimə rəxinə vursa bu zalim, Şübhəsiz ki, zəbun olur halım.» Ağladı molla eylədi fəryad, Dedi: — «Yox kimsə eyləsin imdad?» Oldular cümlə xalq narahət, Səsinə toplanıb haman saət. Molla öz dərdini eylədi ə’lan, Qalxdı rəssamə qarşı bir üsyan. Zor edib ondan aldılar şəkli, Ortaya çıxdı mətləbin əsli. Zahirə çıxdı onda hər bir iş, Gördülər bir uzunqulaq çəkmiş. * * * Mollanın yuxusu Gecə yatmışdı bir nəfər molla, Yuxuda gördü bir qısa rö’ya: Gördü minbərdə əyləşib şeytan, Səlavat ilə xətm edir qur’an, Söyləyir xalqa dinü millətdən, Söhbət eylər sözündə cənnətdən. Desə şeytan nə növ’ü bir bid’ət, Səlavat ilə qarşılar millət, Molla görcək bu halı minbərdə, Durdu şeytan ilə bərabərdə. Qəzəbi gəldi cuşə mollanın, Saqqalından yapışdı şeytanın. Aşağı çəkdi saldı minbərdən, Tüpürürdü vücuduna hərdən. Saqqalından tutub deyir daim: «Dəhri viranə qoydun, ey zalım! Olmaseydın cahanda ey bədfal, Oğru olmazdı bir nəfər baqqal. Aldadırsan cahanı, məl’unsan, Fitnədən durduğunca məmnunsan. Bəsləyirdim sənə böyük nifrət, Əlimə indi düşdü bir fürsət. Saqqalın qoymaram çıxa əldən, Daha qurtarmasan bu ənkəldən!» Döydü şeytanı molla heyvantək, Saqqalın tüklərin yolub tək-tək. Bir daha çəkdi burnuna pərgar, Diksinib oldu xabidən bidar. Gördü öz saqqalın tutub möhkəm, Öz gözü başına çəkir hərdəm. Etdi beş-altı dəf’ə istiğfar, Bu sözü daim eyləyir təkrar: Gələ lə’nət həmişə şeytanə, Yuxuda bənd olur müsəlmanə. * * * Şəriət adamları 1 Bir nəfər qolçomaq, vuran, dağıdan, Özü heybətli, vəhşi bir insan, Toyda, ehsanda, hər ziyafətdə, O idi daima sədarətdə. Pilovun yağlısın, ətin tikəsin, Yeməsəydi söyərdi ev yiyəsin. Olmasa işdə məsləhət ondan, Ona filhal atardı bir böhtan. Hər tərəfdə olursa bir sirqət, Verilirdi ona böyük qismət. Bazar əhli əlində titrərdi, Hər dükandan o bir şey istərdi. Ətini müftə göndərər qəssab, Gətirər süd inəkçilər qab-qab, Pulsuz islah olur bütün hacət, Gecə-gündüz davam edir qarət. Qoçu dəhşətli, vəhşi halında, Var idi ailə xəyalında. Varlı bir qız arardı evlənsin, Özünü daim eyləsin tə’min. 2 Bir nəfər köhnə müftəxorlardan, Şəhərdə varlı, mö’təbər ə’yan. Neçə il əvvəl ölmüşdü arvadı, Var idi təkcə bir qız övladı. Qızını evdə saxlayar daim, Ona çünki bir iş görən lazım. Elə ki, müftəxor ölüb getdi, Qızına hər nə var tərk etdi, Hacının qüslü bitməmiş hala, Elçilər saldı bir böyük dava. Hacılar cümlə növhəxanlıqda, Məşədilərsə canfəşanlıqda. Ortalıqdan cənazə qalxanda, Lotular ağlayırdı hər yanda. Oldu axırda qolçomaq qalib, Həm qız, həm vara oldu o sahib. Qoçu evləndi, güldü amalı, Daha da yaxşılaşdı əhvalı. 3 Qoçu axır dəyişdi əhvalın, Evlənəntək uzatdı saqqalın. Varlanıb çünki yetdi mətlubə Məkkəyə getdi eylədi tövbə. Yeri məsciddə, həm itaətdə, Gecə-gündüz bütün ibadətdə. Hacının doğmamışdı arvadı, Yox idi evdə bircə övladı. Ərlə arvad edərdilər söhbət, Qalacaq bəs kimə bu var-dövlət? Nə qədər eylədik dava-dərman, Verdik allah yolunda yüz ehsan, Seyidə nəzr verdik olmadı. Yenə övladımız doğulmadı. Bunda bir gizli məsləhət vardır, Şübhəsiz bunda bir cəhət vardır. Bir uşaq həsrətindədir çoxlar, Uşağından bezən də ancaq var. Yoxsulun yox evində bir zadı, Doğar ildə bir oğlan arvadı. Hamısı qılçası açıq, üryan, Heyrət eylər baxan kimi insan. Süfrəni görcəyin düşər dava, Ac uşaqlar salarla vaveyla. Başlayırlar qapış-qapış cümlə, Süfrəyə başlanır böyük həmlə. Tikə üstündə başlanır tufan, Ata ilə ana baxır heyran. Nə deyək, hansı sözləri danışaq? Evi bərbad, doğmadın bir uşaq! 4 Az zaman keçdi bu hekayətdən, Hacı bir gün soruşdu övrətdən: Nəyə lazım bu ev, bu var-dövlət? Gətirib burda saxla bir külfət. Axtarıb tap kasıb, cavan bir qız, Yaşadınsa daha yetər yalqız. Qalma yalqız, gətir birin naçar, Yaxşıdır evdə olsa xidmətkar. Bir fəqirin qızın gətir barı, Qazı bir siğə eyləsin cari, Köhnədən-möhnədən verək geysin, Süfrədən artığın qalarsa yesin. Xoşuna gəlməsə çıxart evdən, Nəçiyəm mən, evə xanım sənsən. Hacı min hiylə qıldı, aldatdı, Xanıma min cürə yalan satdı. 5 Yeni ölmüşdü bir nəfər bağban, Kimsəsiz bircə qız qalıb ondan. Adı Nərgiz, həyalı, ismətli, İşdə bir qəhrəmantək himmətli. Atasından sora çıxıb bağdan, Evi yox, qalmış idi sərgərdan. Hacı bu haləti eşitmişdi, Nərgizə ondan elçi getmişdi. Hər işi sazlamışdı şeyx ilə, Qıza etmişdilər böyük hiylə. Şeyx edərkən qıza nəsihətlər, Dedi: – «Tapdım sənə nəcib bir ər. Nə olar evlidir, var arvadı, Olmamış bir nəfər də övladı. Bir cavan qızsan olsa övladın, Hacı evdən qovar öz arvadın. Sənə allah verər neçə övlad, Onlar ilə müdam olarsan şad. Döşəmiş hacı ayrı bir dam-daş, Sənə xidmət edər neçə qaravaş. Hacı öldükdə cümlə var-dövlət, Olacaq şübhəsiz sənə qismət. Şad yaşarsan nə qədər ömrün var, Sağ-solunda beş-altı xidmətkar». Şeyxdən sonra həzrəti qazı, Çağırıb Nərgizi edib razı, Oxunub siğə, məsələ bitdi, Şeyx pulun aldı, qız gəlin getdi. Hacının mətbəxində zillətlə, Nərgiz ömr eyləyir əziyyətlə. İşi paltar yumaq, odun qırmaq, Ev süpürməklə, qab yığışdırmaq. Yazıq arvad dayanmadan çalışar, Əyni görməzdi bir təzə paltar. Xanımı versə bir cırıq köynək, Onu da tullayardı düşməntək. «Götür al! Get! Ədəbsiz, anlaqsız, Özü bağban qızı, bir əxlaqsız. Sən də arvad deyirsən öz-özünə? Güzgüdə bax o qaşına, gözünə. Gül sənin başına, utanmırsan, Varlı evdə həyatı qanmırsan! Yoxsa ağlın çaşıb, olursan şad, Bəs deyirsən hacı alıb arvad? Hacı kimdir, mənimdi var-dövlət. Qaravaşsan, evimdə qıl xidmət! Deyirəm bu sözü sənə bir yol, Kəbinin on manatdır, al rədd ol! Sənə artıqdı verdiyim köynək, Saxlaram mətbəximdə, minnət çək! Sənə kim izn verdi, heyvan qız, Hacı ilə oturmağa yalqız? Mənə görsənmə qarnı burnunda, Atana od vuram gərək onda! Sən nəsən, ya ki, doğduğun övlad? Qaravaştək otur, yazıq arvad!» 6 On bir ay keçmiş idi bu haldan, Doğmuş idi zavallı bir oğlan. Onu Nərgiz sevərdi, istərdi, Qara mətbəxdə daim işlərdi. Eyləməzdi qüsur xidmətdə, Dözdü bir il dəxi əziyyətdə. Elə ki, çatdı bir yaşa oğlan Nərgizə evdə etdilər e’lan: Boşamışdır səni hacı artıq, Uşağı kəs süddən, evdən çıx! Qaldı bu hiylələrdən heyrətdə, Evi tərk eylədi o saətdə. 7 Yadına düşdü köhnə söhbətlər, Şeyx əmi etdiyi nəsihətlər. Gəldi şeyxin hüzuruna nalan, Ağlayıb gözlərindən tökdü o qan. Şeyxi haldan çıxardı ol halət, Çeşməyin aldı taxdı ol saət, Baxdı görsün nədir dərin fəryad, Gəncdirmi bu ağlayan arvad? Gördü bir gəncdir, fəqət qəmgin, Zülmlər, hiylələr pozub rəngin. Bir çiçəkdir, fəqət əzilmişdir, İşləməkdən bu hala gəlmişdir. Şeyxdə zahir oldu bir həyəcan, Daima göz bəbəkləri lərzan. Ona baxdıqca titrəyirdi əli, Sürünürdü dizin-dizin irəli, Saqqalın daima tumarlardı, Gözü eynək dalında parlardı. Yanaşıb söylədi: – «Nə istərsən? Nəçisən, mətləbin nədir, kimsən? Səni bu hala kim qoyub, söylə! Əyləş, öz halını bəyan eylə! Yaxın ol, dinləyim kəlamını mən, Bir səvabdır, yaxında əyləşsən. Qorxur isən əgər cəhənnəmdən, Yaxına gəl, utanma çox məndən. Üləmanın hüzuru cənnətdir, Nəfəsim mö’minə şərafətdir. Nəfəsim dəysə hər kəsin canına, Axirətdə gələrmi od yanına? Məni sən başqası hesab etmə, Üzünü aç, yetər, hicab etmə! Üləma qismi xalqa məhrəmdir, Bu ki, gizlin deyil, müsəlləmdir?» Dayadı axırı burun-buruna, Diriyib gözlərin baxırdı ona. Çəkərək Nərgiz ahı ah üstə, Başını çəkdi ondan ahəstə. Dedi: – «Mən ən fəqir bir qız idim, Atam ölmüş idi, yap-yalqız idim, Məni bir xain almaq istərdi, Çaşdırıb dama salmaq istərdi. İmtina eylədim bu də’vətdən, Qorxar idim mən əhli-sərvətdən. Varlı bildim tayım deyildi mənim, İstəməzdim olam ona təslim. Yoxsul hər qədr olsa ismətli, Başa verməz onunla sərvətli. Mən bilirdim onun kimi hacı, Saxlamaz mən fəqiri-möhtacı. Varlını çox gözəl tanırdım mən, Ona və’zinlə yardım etdin sən. İndi ol mə’vizən nədir qandım, Təvsiyənlə satıldım, aldandım. İki il hərgiz olmadım rahət, Qadın oldum ona yarım saət. Mənə və’d eylədin geniş dünya, Mənə ol və’zilər birər rö’ya. Mənə lazım deyildi ol sərvət, Orda qoydum fəqət böyük dövlət. O mənim bir yaşında övladım, Gözümün nuru, tifli-növzadım. Xoş keçərdi onunla əyyamım, Onsuz ah ilə gündüzüm-şamım, Dedilər, – get, sənin deyil övlad, Biz böyük, sən dilənçi bir arvad!» 8 Şeyx qızdı bu sadə söhbətdən, Yenə söz başladı şəriətdən. Buyurub bu hədisi peyğəmbər: «Naqisül əql olurlar övrətlər». Kişilərdir qadınlara hakim, Onu sevməzsə boşlayar daim. Bu hüququ ona verib qur’an, Kişinin çünki malıdır nisvan. Bir kərə çıxmış olsan əmrindən, Ona artıq qadın deyilsən sən. Ona borcun fəqət itaətdir, Ərə baş əyməyin ibadətdir. Səndən olmazsa hər ərin razı, Eyləməz çarə dərdinə qazı. Arvada ər ikinci xaliqdir, Bu şəriətlə də mütabiqdir. Allahın hökmünü eşit əvvəl, Çünki o hər bir hökmdən əfzəl! Sonra dinlə ərin sərəncamın, Budu çünki əsası islamın. Ərsiz heç söz demə, yemə, içmə. Aqil ol, öz hüdudunu keçmə! Verməsə ixtiyar ər naçar, Əyninə geymə bir təzə paltar. Hər nə söylərsə can deyib sözə bax, Onsuz heç səmtə çıxma, ol dustaq! Hacı səndən şikayət eylərdi, O sənə min qüsur söylərdi. Söyləyirdi o bir böyük tənbəl, Törədib ailəmdə bir əngəl. Arvadımla işi döyüşməkdir, Peşəsi hər söz üstə küsməkdir. Tərbiyə görməmiş bir insandır, Adı arvad, özü bir heyvandır. İndi sən söylə, azmı nöqsanın? Burda borcu nədir müsəlmanın? Görməyib evdə iş üzə durdun, Şər’i peyğəmbərə təpik vurdun. Ağlama, tövbə eylə bu dəmdə, Yanacaqsan yəqin cəhənnəmdə. Tövbə eylə yanımda bu saət, Heyfdir odlana bu cür qamət. Özünə çarə qıl, cavan qızsan, Səni əfv eyləmək deyil asan! Hacıda yoxdu zərrəcə təqsir, Onu rəftarın eyləmiş təhqir. Boşamış, onda bir qüsur yoxdur, Kəbinin on manat, bu da çoxdur. Yox cavabın, al, həqqi-zəhmətdir, Kəbin onsuz da bizdə icrətdir. Bizə qur’an qoyub gözəl qanun, Belə qanuna sən də ol məmnun. O gedib evlənər bir arvada, Sən də tək qalmazsan bu dünyada. Sənə hər bir qədəmdə ər mümkün, Tapılar hacı kimi yüz mö’mün. Neçə ay bizdə gəl elə məskən, Eyləyək səbr, ta çıxa «iddə»n. İkimiz onda eylərik söhbət, Görək allah nə eyləyər qismət. 9 Anladı Nərgiz ol sərəncamı, Hiddətindən qızardı əndamı. Qabarıb tükləri həyasından, Dedi: – «Sus, dinmə, binəya insan! Ola nifrət sənin şəriətinə, Tüf sənin elminə, təriqətinə! Etmisən dini əldə bir alət, Aldadırsan avamı hər saət, İşiniz daima qız aldatmaq, Pul alıb hacıya qadın satmaq. Olmusan varlılarla həm əfkar, Elə məl’unsan hər işin murdar. Sənə nisvan inanmasın bir də, İç üzün çıxdı, yırtılıb pərdə. Məni rəhm etmədən sən aldatdın, İrzimi on manat pula satdın. Buna yol verdi hansı bir məslək? Qadını bircə mal hesab etmək? Ararım indi ayrı bir dünya, Köhnə dünya vərəmli bir xülya!» 10 Bayıra çıxdı Nərgiz hiddətlə, Ağlayırdı, coşurdu heyrətlə. Düşünüb bilməyirdi bir çarə, Küçələrdə gəzirdi avarə. Neçə il keçdi bu hekayətdən, Qalmadı iz keçən hökumətdən. Molla, bəy, xan zamanı devrildi, Fəhlələr hökmranlığı gəldi. Nərgiz onda gəzərdi tək-tənha, Ona görsəndi bir səfalı bina. Ora baxdıqca parlayır amal, Görünür orda şən bir istiqbal. Ora baxdıqca hiss olur azad, Orada qəlblər olur çox şad. Burdadır rəhbərin böyük şəkli, İliçin hər şüarı istəkli. Göstərir bir işıq cahan qadına, Şərqin örtükdə qalmış arvadına. Baxdı Nərgiz, ümidi yüksəldi, Sadə bir qız ona tərəf gəldi Dedi: «Harda olursa bir məzlum, Bura eylər şikayətin mə’lum. Burada iş görən qadınlardır, Qız-qadından müdirələr vardır. Bura də’vət olar bütün ərlər, Qadının burda haqqın istərlər.» Nərgizin cilvələndi rüxsarı, Girərək etdi göz yaşın cari. Dedi öz qəmli dastanından, Nəql qıldı keçən zamanından. Nə ki, var dinlənildi şəkvası, Yerinə gəldi hər təmənnası. Hacıda qalmadı daha dövlət, Nərgizinsə günü keçir xoşbaxt. Mehriban oğlu öz kənarında, Ev-eşik cümlə ixtiyarında. * * * Tamahkar doktor Doktora gəldi bir nəfər xəstə, Dərdlərin söyləyirdi ahəstə. Doktor o xəstəni soyundurdu, Barmağilə beş-on kərə vurdu, Nəfəsin aldırıb qulaq asdı, Qarnına əllərilə bir basdı, Truba qoydu dinlədi bol-bol, Dilinə, ağzına baxıb dörd yol, Dərdləri durdu saymağa doktor, Dedi ki: səndə xəstəlik çoxdur. Böyrəkin bir qədər tapıb illət, Korbağırsaq sənə verir zəhmət. Ciyərində ləkə böyüklənmiş, Ürəyin də vurur, fənadır iş. Azalır get-gedə sənin qanın, Ağrıyır çox yatanda hər yanın. Şor yeyəndə ətəş olur zahir, Darılırsan su olmasa hazır. Əsəbiləşmisən həqiqətdə, Bu da bir inqilab sihhətdə. İtirib həzm qüvvəsin mə’dən, Əriyirsən, dalı gedirsən sən. Soyuğa səndə qalmamış taqət, İsti də verməyir sənə rahət. Çox yeyəndə ağırlaşır halın, Binəvasan, zəbundur iqbalın. Daima rahət olmaq istərsən, Görürəm səndə yüz cür illət mən. Qoyma artsın naxoşluq, huşyar ol! Yeməyində çox ehtiyatkar ol! Nahara müxtəsərcə qıl bozbaş, Mümkün olsa bir az da kotlet, aş. Bunlar olmazsa bir toyuq qaynat, Suyuna az düyü ya noxud at, Duzu çox olmasın, zərərdir bu, İkicə istəkan qoyarsan su. Bu, nahar etməyə kifayətdir, Xəstənin borcu bir qənaətdir. Səhərə mümkün olsa hazırla, Bir böyük istəkan şirin kakava, İlıq elə neçə yumurtanı, Gətirər qüvvətə bu insanı. Axşama bir cavan cücə aldır, Doğrayıb evdə şorbaya saldır. Süt aşından çəkinmə, al qab-qab, Sə’y elə ta bədəndə olsun tab». Buna xəstə baxırdı diqqətlə, Doktoru dinləyirdi heyrətlə. Dedi: «Bu saydığın mərəzlərdən, O xörəklər ki, burda saydın sən, Hamısı burda çıxdı yadımdan. Xəstəyəm bu deyil mənə nöqsan, Xəstəlikdən heç hafizəm yoxdur. Onları bir kağıza yaz, doktor!» Buna doktor dəxi qılıb iqrar, Dedi: «Bu xəstəlik dünəndən var. Qüvvəyi-hafizən olub bərhəm, Təcrübə eylədim dünən mən həm. Bilmədim, bir manat verib getdin, Ya unutdun və ya ki, səhv etdin». Xəstə bir ah çəkdi ahəstə, Dedi: «Əlbət ki, xəstəyəm, xəstə, Məni əfv et yoxumdu çoxlu param, Eybi yox, baxmasan ölüb bataram». Baxdı doktor bu hala pür heyran, Dedi: yox sihhətində bir nöqsan, Xəstəlikdən özündə yox asar, Kəlmə artıq, çox iltimasım var!» * * * Kəndə traktor gəlir I Kənd boşalıb, kimsə yox, Kəndli buraxıb işi. Bir təpənin üstünə Toplanır arvad-kişi. Cütçü işə çıxmamış, Qoşmamışdır öküzün. Naxırçı da, çölçü də, Yollara tikmiş gözün. Atlar işə çıxmamış, Qoşulmamış araba, Hər bucaqda görərsən, Şanayla dırmıq, yaba. Dalğasız dəniz kimi, Gəlinlərin nehrəsi. Qarılar da evdə yox, Fırlanmayır cəhrəsi. Hər kəsi gördüm, dedim, «Noldu? Nədir? Söylə bir!» Səslədi ki: «Durma, gəl, Kəndə traktor gəlir!» Hər kəsdən qabaq gedir, Komsomollar dəstəsi, Pionerlər lap qabaq, Gəlir baraban səsi. Dağ-təpənin üstünə, Çökub oturmuş hamı. Hər kəsi görsən deyir: «Bu gün yoxsul bayramı». II Çömbək vurub əyləşib, Hər qayada bir gəlin. Cümlə uzatmış yola, Qarı, qoca əllərin. Hamı birdən göstərir, Budur, gəldi traktor. Biri söylər: «Keç dala», Biri deyər: «Kənar dur». O biri söylər: «Bunu, Göndəriblər kolxoza, Zəhmətsiz, əziyyətsiz, Əkəcək pambıq, qoza. Yerin bağrın yaracaq, Baxmayır quru, keşə, Bu elə bir şeydi ki, Gülür kavahın, xışa. Cavanlar söylədi ki: «Bu hər bir şeydən ucuz, Traktor görən işi, Görə bilməz min öküz. Baxın görər bir nə iş, Kollektiv təsərrüfat! İndi maşın durubdur, Burda nə öküz, nə at? İndi nə öküz, nə at, Hakim deyil torpağa, Traktorlar lazımdır. Yeni məhsul almağa.» Qocalardan bə’zisi, Barmaqları dişində, Deyirdi: «Yox şübhəmiz, Bolşevikin işində. Hər biri bir cin kimi, Hər biri şeytan təkin, İndi də istər əkə Atsız, öküzsüz əkin.» Molla dedi: «Az qalıb, İmamın zühuruna, Xərdəcəldür, xərdəcəl, Yaxşı baxın bir ona» Hər yetən bir söz deyir, Orda bütün qalmağal, Şənlik edən, oynayan, Tar, balaban, çal-ha-hal! III Arxada durmuşdular, Bir neçə də qolçomaq, Bığlarını çeynəyir, Bomboz olub qaş-qabaq. Kəblə Cəfər daima, Oynadır ağzın-gözün, Bilmiş idi çünki o, Məs’ələnin iç üzün. Bir neçə gün çox fəna Hiss edir idi özün. Çəkdi plan qazmağa, Rişəsini kolxozun. Kəblə Cəfər sazlanıb, Evdə tutur tə’ziyə, Üç gecədir şeyx gəlib Orda deyir mə’vizə. Mə’vizədə söyləyir: «Adətin hər kəs poza, Öz işini boşlayıb, Daxil ola kolxoza Bu işi icad edən, Sahibi iman deyil. Nüftəsi napakdır Əsil müsəlman deyil! Qoyma əlindən yerə, Hər nə qoyubsa atan. Boşla traktor sözün, Varsa əgər xış, kotan. İrs qoyub bizlərə Bunları əcdadımız, Köhnə də olsa yenə Var bizim hər zadımız. İndi deyirlər gərək, Torpaq ola müştərək, Bolşevik istər qura Hər işə bir cür kələk. Öldürələr bizləri, Ortaq olub əkmərik. Yoxsa deyərlər sabah, Hər zadın olsun şərik. Burda mabada çaşıb, Kimsə yolun azdıra, Səhv edərək kolxoza, Əvvəl adın yazdıra. Qoymayın etsin əsər, Kənddə o şeytan işi. Tək başına torpaq ək, Mal mala qatmaz kişi. Düşmə yaxın bir kərə Öylə traktorlara, Sındıralar çarxların, Bir gecə allah-vara. Kolxoz əkən buğdadan, Düşsə bura bircə dən, Olmayacaq, şübhəsiz, Cənnətə burdan gedən.» IV Kəblə Cəfər bir gecə, Saldı ələ fürsəti. Çaldı traktordakı Hissələri xəlvəti. Bir çuvala doldurub, Qoydu onu ambara. Söylədi: «Qurdum kələk, Muzdura, kolxozlara». Bir neçə gündən sora, Kəndə yayıldı səda. Girməyəcək kolxoza, Fəqirlərdən maəda. Və’də verib onlara, Pul-kredit şirkəti. Bu işə Köybirliyi, Vermiş əhəmiyyəti. Başlayacaqdır işə, Təzə traktor yarın. Başlayacaq kolxozun, Sürməkə torpaqların. Xalq yığılmış yenə, Qarşılasın bu işi. Fikri traktordadır, Müntəzir arvad-kişi. Bayram edir, şadlanır, Firqəçi, həm bitərəf. Dalda durubdur fəqət, Bir neçə də bişərəf. Kəblə Cəfər ortada, Yan-yörəsi qolçomaq, Bir-birinə söyləyir: «Səbr elə, övzaə bax!» Nitq bitib, qurtarıb, Qalmamış artıq bir iş, İndi traktor gərək, Tərpənib etsin yarış. Usta minib üstünə, Baxdı ki, bu elə bil, Kəndə şəhərdən gələn Təzə traktor deyil. Düşdü, baxıb söylədi: «Makınalar işləmir, Kimsə çıxarmış bunun Hissələrin birbəbir». V Kəblə Cəfər qolçomaq, Kənd içinə saldı car. Yaydı traktor sözün, Qoymadı dükkan-bazar. «Bolşevikin bir görün, Başladığı işlərin. Yox işinin axırı, Bu odu keçmişlərin. Hər sözü bir cür kələk, Hər işi bir cür yalan. Kəndə nə lazım düşüb, Söylə, traktor-filan? Göz boyamaz, şübhəsiz, Bir kişi bunlar kimi. Qoymur ola rəncbəri, Öz evinin sahibi. Var öküzün, get yer ək, Yoxsa gedib muzdur ol! Bu iki şeydən savay, Qalmadı bir ayrı yol. Molla deyirdi özüm, Eyləmişəm bəd dua. «Yatdı traktorları, Mö’cüzü gördünmü ya? Allah özü qoymadı, Kəndə girə bid’əti. Nazil edib bir mələk, Etdi xarab xəlvəti. Allaha tə’sir edib, Eylədiyim mə’vizə. Ərşdən enmiş mələk, Yardıma gəlmiş bizə. Vermədi yol xaliqim, Fitnəyə, şeytanlığa. Qoymadı dəysin zərər, Köhnə müsəlmanlığa. Xalqı yığıb məscidə Məsələni qandırın, Bir neçə ehsan verin, Bir neçə şam yandırın! İndiyətək olmamış, Belə böyük mö’cüzə. Yoxsa traktor böyük, Ənkəl olardı bizə». VI Kəndi qaranlıq basıb, Axşam olub, gün batıb, Çınqırını yox çəkən, Səs kəsilib, el yatıb. Pəncərələr bağlanıb, Söndürülüb lampalar. Parlamaz ulduz, nə də, Ay yerə nurun salar. Qarşıda hər bir söyüd, Bir qara heykəl kimi, Yolda duran hər qaya, Bir əzəmət sahibi. Yox hərəkətdən əsər, Bir yuxudur kainat. Bir gecədir, hər tərəf, Uyquya dalmış həyat. Quş dəxi atmaz qanat, Öz yuvasından çölə, Qurbağalar da susub, Daşmı atılmış gölə? Ancaq hürür bir köpək, Səsi düşür dağlara. Bəndi qırıb az qalır, Atsın özün talvara. Hiss eləyirmi köpək, Burda bir insan məgər? Talvarın altındadır, İşçi qız, muzdur Səfər. İşçi qıza dərdlərin, Nəql eləyirkən Səfər, Söylədi: «Bu arzumuz, Tutmadı baş, müxtəsər. Mən hələ ki, muzduram, Sən də ki, qulluqçu qız, Harda həyat eylərik, Evlənə bilsək də biz? İndi də quşlar kimi Yox yatacaq bir yerim, Söylə nəyim var mənim, Harda sənə yer verim? Kəblə Cəfər — qolçomaq, Rəhmi yox, insafı yox. Bir gecə də olsa biz, Yatmamışıq qarnı tox. Elə düşündüm ki, mən, Kəndə traktor gələr, Mən girərəm kolxoza, İşləyərəm bir təhər. Allam, aparram səni, Burda əsir olmarıq. Pul yığaram, axırı, Bir koma hazırlarıq. Mən düşünürdüm bu gün, Arzuma olmuş əməl, Tez işi pozdu fəqət, Bircə nəfər düşmən əl. Çaldı traktordakı, Bə’zi mühüm şeyləri, Mən özümü bilmirəm, Bir necə gündən bəri. Dinmədi sakit durub, Fikrə gedib Gülçahan. Sonra gülüb söylədi: «Qəm yemə, səbr et. Dayan! Gördüm odunluqda mən, Dün gecə bir çox dəmir. Durma gedək indicə, Onlara bax birbəbir. Kim biləcək, al götür, Hansı gərəksə sizə. Kəblə Cəfər bilsə də, Söz deyə bilməz bizə». VII Yatmış ikən xalq hələ, Durdu yerindən Səfər. Səslədi muzdurları, Topladı beş-on nəfər. Gəldilər ispalkomu Evdən oyandırdılar. Məsələni söyləyib, Hər işi qandırdılar. Kəblə Cəfər — qolçomaq, Yatmış ikən bixəbər, Aldı odun ambarın, Ortaya muzdur Səfər. Kəblə Cəfər diksinib Qalxdı yerindən səsə, Qoymadılar salmağa, Üstünə bir əlbəsə. Çaldığı alətləri, Arxasına çatdılar, Həbs edib ispalkomun, Təyləsinə qatdılar. Düşdü traktor işə, Tutmadı baş mö’cüzə. Qolçomağın gəlmədi, Yardımına mö’vizə. Yardım üçün gəlmədi, Bir daha göydən mələk, Məhv edilir qolçomaq, Zəhmət olur müştərək. Dağlara əks eyləyir, İndi traktor səsi. Atdı div addımları Sosializm ölkəsi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-menzum-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.