Qılınc və qələm. İkinci hissə Məmməd Səid Ordubadi (1872–1950) Atabəy Məhəmməd və Səba xanım Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi. Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi. Atabəy, Zəhir Bəlxinin əcnəbi nümayəndəsi olduğunu və onun xərəzmşahlarla əlaqədə olduğunu, Kəmaləddinin isə Fars və Kirman istiqlalını bərpa yolunda çalışdığını bilməmiş deyildi. Lakin Atabəy, Toğrulun bunlarla olan əlaqəsinə müəyyən bir mündərica verə bilmirdi. Atabəyi Qətibənin tez-tez Bağdada getməsi və Hüsaməddini də bərabər götürməsi daha da dərindən düşündürürdü. O, Qətibənin təzə bir macəra törətmək istəməsinə inanırdı. Atabəy Məhəmməd Həmədanda başlanan bu macəranın Canpolad kəndindəki sui-qəsd ilə əlaqədar olduğunu da zənn edirdi. Lakin işi haradan başlamaq, əvvəlcə kimin haqqında təhqiqat aparmağı qərara ala bilmirdi. Nəhayət, Atabəy işə öz evinin içindən başlamağa qərar verdi. O, Qətibəyə yaxın olan cariyələri yoxlamağa və saraydakı sirlərdən soruşmağa başladı. Əvvəlcə nəzərində Səba xanımı tutmuşdu; çünki o, Qətibə ilə ən yaxın olan cariyələrdən idi. Eyni zamanda Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. Bunu Atabəyin özü də hiss edirdi. Axşam saat səkkizdə Səba xanım adəti üzrə, Atabəyin oğlunu atasının görüşünə gətirmişdi. Lakin Səba xanımın bu gecəki gəlişində Atabəyin diqqətini cəlb edəcək qədər bir fövqəladəlik vardı. Atabəy Səba xanımda gördüyü bu gecəki fövqəladəliyi Qətibədə görə bilməmişdi. Atabəy Səba xanımın hər bir hərəkətini diqqət-nəzərinə almışdı. Xüsusən Səbanın səsində və söhbətindəki zəriflik Atabəyin o gözəl qadını Qətibədə yox idi. Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi, zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. İnsan qəlbini aldatmaq və qəlbi gözlərə tabe etmək sənətində Səba xanımdan mahir bir sənətkar yox idi. Atabəy Məhəmməd Səba xanımı gördüyü zaman öz qəlbində: “Dünyanın adəti bunadır, cariyəliyə layiq olmayanlar mələkədir – mələkəliyə yaraşanlar isə cariyədirlər”, – deyirdi. Atabəy çoxdan bəri gözəl cariyəni “şərəfə nail etmək” istəyirdi. Ancaq cariyə özünə məxsus deyil, Qətibənin malı olduğundan öz fikrini həyata keçirə bilmirdi. Lakin Qətibənin Bağdad səfərində olduğu Atabəyə əlverişli bir fürsət qazandırdı; o, axşam yeməyində Səbanın iştirak etməsinə əmr verdi. Səba xanım Atabəyin oğlunu otağına aparıb gecə saat onda kamançasını da götürüb Atabəyin otağına girdi. Atabəy yarımsərxoş idi. O, Səba xanımın əlində kamançanı görərkən: “Otur gözəl cariyə, otur, səsini eşitmək istəyirəm” – dedi. Səba oturdu, kamançanın simlərini düzəltməyə başladı. Onun gözləri Atabəydə idi. Atabəyin ona vurulduğunu görürkən qəlbində şadlanır, Atabəydən böyük və geniş istifadə edəcəyinə əmin olurdu. Səba xanım şerlərini özünə və Atabəyə həsr edərək oxudu: Tikən bu ləblərə göz, bağrını kabab istər, Nə dildə səbr, fərağət, nə gözdə xab istər. Durub kəmində gözüm, kirpiyim, qaşım, zülfüm, Bü dərdü əlbir olub; çünki inqilab istər. Qaşım tutub səfi-müjganım üzrə əyri qılınc, Necə ki, şah baxar ləşkərə, hesab istər. Tutanda tər üzümü, gül üzümdə şəbnəmtək Gören bu şəbnəmi nə gül, nə də gülab istər. Səba xanım çalıb-oxuyur, Atabəy isə piyaləni bir-birinin ucuna bənd edirdi. Səba xanım Atabəyin gözlərinə baxıb düşünürdü: Atabəy onu şərəfləndirməyə hazırlanırdı. Lakin Səba xanım birinci görüşdə Atabəyə təslim olmayaraq özünün adi bir cariyə olmadığını göstərmək istəyirdi. Atabəy onun əlindən tutub qolları arasına çəkdiyi zaman Səba xanım: – Hökmdar, özünüzü ələ alın, mən əlahəzrətin hüzuruna bundan ötrü gəlməmişəm. Mən başqasının malıyam, Atabəyin öz gözəl cariyələri çoxdur. Mələkə məni Əbül-Üladan aldığı zaman bu gülü dərdirməmək üçün mənə qəti bir əmr vermişdir. Atabəy Səba xanıma sual verdi: – Mələkə səni bir başqası üçünmü saxlamışdır? Səba xanım utanaraq yavaşdan dedi: – Bəlkə də. – Sən ancaq bir hökmdara layiqsən, bir hökmdara da qismət olmalısan. – Doğrudur, hökmdar! Bir hökmdarı razı salmaq üçün bir mələkəyə xain çıxmaq lazımdır. Mənsə bunu istəmirəm. Xanım bu hüdudu keçmək üçün mənə icazə verməmişdir. Mən bir hökmdarın ailəsində yaşadığım üçün, namuslu və sədaqətli olmalıyam. Rica edirəm, əlahəzrət məni xanımın yanında utanmağa məcbur etməsin. – Sən, doğrudanmı xanımı sevirsən, yainki ondan qorxursan?! – Bu cəhətlərin ikisi də vardır. Əvvələ, o məni pul müqabilində almışdır, ikincisi də, o öz böyük ehsan və mükafatları ilə bu sevgini qazanmışdır. – Mənim ehsanlarım daha böyük, mükafatım isə daha genişdir. – Mən həqir cariyə də ancaq özümü bununla bəxtiyar hesab edirəm. – İki yüz qızıl gözlərin üçün. – İnsan yalnız gözlərdən ibarətmi? – İki yüz qızıl da al yanaqların üçün. – Əcəba, Atabəy tərəfindən bu qədər qızğın sevilən cariyə yalnız sevimli gözlərə və al yanağamı malikdir? – Çünki mən nə qədər düşündümsə, nar gülünün yarpağından daha qırmızı və təbiətin yaratdığı hər şirinlikdən ləzzətli olan dodaqlarını qiymət edə bilmədim. Səba xanım gülümsünərək soruşdu: – Əcəba, hökmdar tərifləndiyi dodaqların bu qədər ləzzətli olduğunu haradan bilir? Bəlkə də, əlahəzrət öz müqayisəsində səhv edir? – Gətir fikrimi yoxlayaq. Atabəy bu sözü dedikdən sonra onun əlindən tutub, özünə tərəf çəkdi, dodaqlarından öpüb buraxdı və onu qolları arasına almaq istərkən Səba xanım dartınıb çıxdı və: – Bu qədər kifayətdir. Bu da sizin müqayisəniz üçün idi, – dedi. Atabəy isə onu bir daha öpərək: – Bu dodaqların üçün də beş yüz qızıl! – dedi. Səba xanım sakit oturub baxırdı; o, Atabəyin təbii halından çıxdığını və onun qadına olan ehtirasının coşduğunu yoxlamaq istəyirdi. Səba xanım Atabəylə olan alverini bitirmək istədiyi üçün kamançanı götürüb bir neçə qəzəl oxudu: Tamam olub bu pərirudə hüsnüzibalıq. Qaşımda qəmzələr oynar, gözümdə şəhlalıq. Qopar qiyaməti sərvin girəm gülüstanə, İnanma sərv, sənubərdə var bu rənalıq. Ləbimə qönçə baxıb pərdədən çıxardar üz, Açar başını edər gülşən içrə rüsvalıq. Hədisi – Leyliyü Məcnuni eylədim bərbad, Nə onda vardı cünunluq, nə bunla Leylalıq. Nə həddi var məhi-Kənan, mənim qulamım ola, Nə abrudə Züleyxa edər züleyxalıq. Səba xanım kamançanı yerə qoyduğu zaman Atabəy bir daha onun dodaqlarından öpərək: – Sənin bu qəzəlin üçün də iki yüz qızıl! – dedi və əlini onun döşlərində gəzdirmək istərkən, Səba xanım qırçınıb: – Bağbanın icazəsi olmadan nar dərmək və bağbanın intizamını pozmaq yaramaz, – dedi. – Bağbanın qapıları açması üçün də beş yüz qızıl! – deyərək onun köynəyinin qızıl düymələrini bir-bir açdı. Səba xanım Atabəyin barmaqlarındakı titrəkliyi görüb son sözü demək vaxtının yetişdiyini hiss etdi və nazlanaraq soruşdu: – Əlahəzrət həqir cariyənin özünü qiymətləndirmirmi? Əcəba, bir qız yalnız qaş, göz, dodaq və döşlərdənmi ibarətdir?! Atabəy onu bərk-bərk qolları arasında tutduğu zaman: – Qasımabad kəndini də sənə bağışladım, – dedi. Atabəy Səba xanımı buraxmadı, onu səhərə qədər öz yanında saxladı. O, birinci məqsədinə nail olduqdan sonra, ikinci əsas məqsədinə keçərək dedi: – Mən gözəl qızı mələkənin əlindən alıb öz ixtiyarıma keçirə bilərdim. Lakin mən məhəbbətli cariyənin mələkənin yanında olmasını istəyirəm; sən ancaq orada qalmaqla mənə xidmət edə bilərsən. Səba xanım saçlarını sahmana saldığı və üst-başını düzəltdiyi halda soruşdu: – Mən bununla əlahəzrətə nə kimi bir xidmət göstərməliyəm? – Sən mənim ailəmin barəsində öyrəndiyini mənə xəbər verməlisən. – Keçmişdə olanlarımı? Gələcəkdəkilərimi? – Hər ikisini. Səba xanım bir az fikrə getdi. O həm Atabəyi əldə saxlamaq, həm də mələkəni itirməmək istəyirdi. Eyni zamanda mələkənin intiqamından da qorxurdu. Buna görə də sükuta qərq olmuşdu. Atabəy Səba xanımın nələr düşündüyünü dərhal hiss etdi və buna görə də Səba xanıma vədə verdiyi qızılların gətirilməsini əmr etdi. Qızıl kisəsi Səba xanımın qarşısına qoyulduğu zaman, cariyə qorxu və tərəddüdləri unutdu və qolunu Atabəyin boynuna salıb dedi: – Əlahəzrət, dünyanın işi belədir, vaxt olur ki, insanın özü sevir, yalvarır, yaxanır, lakin onu sevmirlər. Elə zaman da olur ki, insan sevmir, yalvarışları, hədiyyələri və mükafatları nəzərə almayaraq, “Sevmirəm” deyir və aşiqlərini təhqirlərlə rədd edir. Hər kəsin və hər qızın həyatında bu hadisəni görmək olar. O, həyatının gözəl günlərini bir şairin eşqində keçirtdi. Lakin şair: “sevmirəm” deyərək, onu rədd etdi və onun gənc qəlbini yaraladı. Nəhayət, onu bir qəhrəman sevdi, onun eşqində gecə-gündüzünü itirdi. Mələkənin atası da bu gəncin sevgisinə rədd cavabı vermədi. Mələkəni bu sevgiyə məcbur etmək istədilər. Ancaq iqbal və qismət bu sevginin də üzünə gülmədi. Atabəyin Gəncə səfəri bu sevginin üzərinə ümidsizliyin qəmli xəttini çəkdi. Atabəy Səba xanımın söhbətinə çox diqqətlə qulaq verəndən sonra soruşdu: – Son sevginin kimin tərəfindən aralığa sürüldüyünü bilmədim. – Son sevgi Hüsaməddinin sevgisi idi. Hüsaməddin onu dəlicəsinə sevirdi. Mələkənin ata-anası da buna razı idi. Nişan qoyulacaq idi, lakin qızın şairi sevməsi izdivacın baş tutmasına əngəl törətdi. İqbal belə bir yol göstərmişdi: qız şairi sevməsəydi, mələkə əla həzrətə yox, Hüsaməddinə qismət olacaqdı, ancaq bu qədər. – Mənə doğrusunu söylə, mənim mələkəm indidəmi şairi sevir? – Xeyr, sevmir; sizi əmin edirəm, hazırda mələkə şairdən intiqam almaq üçün fürsət axtarmaqdadır. – O indi də Hüsaməddini sevirmi? – O nə onda, nə də indi onu sevmir. – Hüsaməddin yenə də onu sevirmi? Səba xanım sakit olub danışmadı. Atabəy ona tərəf dönüb həyəcanla soruşdu: – Nə üçün sakit oldun? Məni maraqlandıran ancaq bu nöqtədir. – Mən bu barədə nə deyə bilərəm?! Qəlbləri oxumaq çox çətindir. Nə mələkə, nə də Hüsaməddin adi adamlar deyil. Əcəba, bir hökmdarın mələkəsi, yaxud bir hökmdarın sərkərdəsi bir-birini sevdiyi zaman öz cariyəsinə sezdirəcək qədər sadədil ola bilərmi? Lakin sevgi məsələsi də qəlbdən silinəcək bir məsələ deyil. Dünyada hər şeyi yumaq mümkündür, lakin eşqi yumaq, ürəkdən təmizləmək olmaz. Səba xanım bu sözdən sonra Atabəyin barmağındakı əqiq üzüyün yazılı qaşını göstərib dedi: – Əlahəzrətin üzüyünün qaşındakı yazıları yumaq mümkündürmü? – Xeyr, mümkün deyil, onu məhv etmək üçün sındırmaq lazımdır. – Əlahəzrət, ürəkdə sevgi də eladır. Onu məhv etmək üçün insanı öldürmək və qəlbi parçalamaq lazımdır. – Demək ki, Hüsaməddin mənim mələkəmi yenə də sevir, eləmi? – Mən bu barədə heç bir söz deyə bilmərəm. Hüsaməddinin mələkə ilə əlaqəsinə müəyyən mündərica vermək barəsində düşünməmişəm; çünki əlahəzrət öz kənizinə bu barədə tapşırıq verməmişdi. – Mən indi sənə bu tapşırığı verirəm. – Bu tapşırıqdan məni ölüm cəzası gözləmirmi?! Mələkə bu işdən xəbər tutduğu zaman məni edam etdirərsə, kim ona mane ola bilər?! Əvvələ, o mələkədir, ikincisi də mən onun malıyam. Hərgah məni məhv edərsə, öz malını məhv etmiş olur. – Mən oğlum Qütlüğün canına and içirəm, səni mühafizə edəcəyəm. Mələkə sənin gözünü də püfləyə bilməz. Səni Qasımabad malikanəsinə köçürər və bir mələkə kimi yaşadaram. İndi də mələkənin kimlərlə əlaqədə olduğu, saraya kimlərin gedib-gəlməsi barədə danış. – Mələkənin əlaqədə olduğu adamlar üç nəfərdən ibarətdir. Onlardan birisi Zəhirəddin Bəlxi, digəri Kəmaləddin şairdir. Səba xanım sakit oturub üçüncü adamın adını çəkmək istəmədi. Bunun üçün Atabəy ondan soruşdu: – Mən indi iki şeyi öyrənmək istəyirəm. Onları mənə danışa bilərsənmi? – Bildiyim qədər. – Əvvəla, bilmək istərəm ki, mələkənin Zəhirəddin və Kəmaləddinlə olan əlaqəsini nə isə isbat etmək olar? – Onlar Həmədanda və Bağdadda yaşadıqları zaman hər bir məsariflərini mələkə göndərir. Hətta, əlahəzrət Azərbaycan səfərində olduğu zaman, onlar bir neçə dəfə mələkənin sarayına gəlmişdilər. Mələkə üç kərə Əbudəccanənin qəbrini ziyarət üçün Maşan kəndinə getdiyi zaman yuxarıda adları çəkilən adamlar da ziyarətdə iştirak etmişlər. Atabəy bu sözlərdən sonra dərin fikrə getdi, həyəcan və acığından çıldırmaq dərəcəsinə gəldi. O, bu söhbətlərlə yavaş-yavaş Həmədana başlanmış gizli macəraya iz açmağa başlayır və titrəyirdi. O, Səba xanıma bir sual daha verdi: – İndi üçüncü adamı mənə tanıtmalısan. – Qorxuram, əlahəzrət, o cəsarəti edə bilməyəcəyəm. – Mən sənə bu barədə and içmədimmi? Səba xanım özünü ələ alaraq cəsarətlə dedi: – Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur. – Toğrul? – Bəli, Toğrul! – Buna mən inana bilmərəm. Hərgah başqa xəbərlərin də bu rəng və bu mündərıcədədirsə, onlara da inana bilmərəm. Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxartdı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı və soruşdu: – Əlahəzrət bu kağıza inana bilərmi? Atabəy kağızı alıb oxudu: “Möhtərəm Mələkə! Oğlum Məlikşahın yerinə oğlunuz Qütlüğün vəliəhd elan ediləcəyinə söz verirəm. Bu vədələr möhtərəm Mələkənin arzularına cavab verə bilərmi? Toğrul” Atabəy Səba xanıma sual verdi: – Bu məktubu nə üçün götürüb saxlamışdın? – Atabəy həzrətlərinə təqdim etmək üçün. Çünki bu xanədanın nemətləri ilə bəslənirəm. Atabəy: – Çox razıyam, gözəl qız. Ancaq bu xidmətin mükafatını aldığın zaman səni nə qədər sevdiyimi yəqin edəcəksən, – dedi və məktubu cibinə qoydu. Aralığı sükut bürümüşdü. İkisi də danışmırdı. Atabəy hər bir şeyi öyrənmiş kimi idi. O, Canpolad kəndindəki sui-qəsdin mündəricəsini də bu gecəki söhbətdən təyin etdi. Bu sui-qəsdlə nə azərbaycanlıların, nə də Qızıl Arslanın əlaqədar olmadığını anladı və başını fikirli bir surətdə qaldırıb Səba xanıma sual verdi: – Sən bu xidməti davam etdirmək istəyirsənmi? – Madam ki, başlamışam, axıra yetirmək lazımdır. – Onların hamısı Bağdaddadır. Toğrul da Bağdada getmişdir. Sən sabahdan etibarən Bağdada getməlisən. – Mələkə mənim nə üçün gəldiyimi soruşmazmı? – Söylərsən ki, Qütlüğ anasız yaşamaq istəmədi. Əlahəzrət uşağın Bağdada göndərilməsini əmr verdi. Səba xanım razılıq verdi, Atabəyin otağından çıxıb gedərkən bir sual da verdi: – Atabəy həzrətləri Azərbaycandakı oğlanlarını sevirmi? – Ruhum kimi sevirəm. – İndi ki, beladır, onların qeydinə qal, onları məhv etmək üçün də mələkəniz hazırlıq aparır, – deyib otaqdan çıxdı. Səba xanım çıxıb gedəndən sonra Atabəy uzun saatlar oturub düşünür və buraxdığı səhvlərdən utanırdı. Xüsusən o, azərbaycanlılar üzərinə etdiyi səfərlərin siyasi səhv olduğunu hiss edərək, öz-özünə nifrət edirdi. Atabəy Qızıl Arslanın nə qədər doğru xətt-hərəkət götürdüyünü bir daha təsdiq edərək, ona qarşı bəslədiyi fikirlərin hamısını qəlbindən atdı. Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi və yazdığı kiçik bir məktubu da təcili çapar vasitəsi ilə Püsəran kəndinə, Gözələ göndərdi: “Gözəlim Gözəl! Uşaqlardan mütəvəcceh ol, onlara qarşı sui-qəsd hazırlanıbdır. Atabəy Məhəmməd” * * * Bağdad Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi: – Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz. Nizami bu dəvəti qəbul etmədi, buna da bir neçə səbəb var idi. Əvvəla, o, Bağdada getdiyi zaman xəlifənin cülus günündə iştirak etməli, bir şair kimi xəlifəni mədh etməli idi. Şair bunun əleyhinə idi. İkincisi də, Nizami Bağdada getdiyi zaman Atabəy Məhəmmədlə qarşı-qarşıya gəlməli idi. Gəncə hadisəsindən sonra Nizami onun üzünü görmək istəmirdi. Üçüncü səbəb də, onun Xaqani ilə bərabər Hicaz və İrat səyahətinə hazırlanması idi. Həmin bu səbəblərə görə Nizami Qızıl Arslana göndərdiyi məktubunda: “Çox xəstəyəm, xəlifənin cülusunda iştirak edə bilməyəcəyəm” – deyərək yaxasını qurtardı. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi. Nizami Şimali Azərbaycandan göndəriləcək nümayəndələrin siyahısını nəzərdən keçirdiyi zaman, vaxtı ilə Şimali Azərbaycan üsyanında iştirak edənlərin hamısının adlarını siyahıda görüb şübhələndi. O, Fəxrəddini yanına çağırıb bu məsələni ona qandırıb dedi: – Bağdada göndərilən heyət üzvlərinin hamısı Azərbaycan üsyanında iştirak edənlərin rəhbər simalarıdır. Mən qorxuram ki, Atabəy Məhəmməd bu bəhanə ilə Şimali Azərbaycandan gedənləri həbsə aldırıb edam etdirsin. Buna görə də Təbrizə Qızıl Arslana təcili çapar vasitəsi ilə məktub göndərmək lazımdır. Mən bilirəm, sən öz Dilşadını axtarmaq üçün Bağdada getməyə tələsirsən. Lakin işi etibarlı görmək lazımdır. Çox götür-qoy etdilər. Nəhayət, məktub göndərməyi qərara aldılar. Məktub göndərildi, səkkiz gündən sonra məktubun cavabını gətirdilər. Qızıl Arslan göndərilən məktuba verdiyi cavabında yazırdı: “Məktubda göstərdiyiniz cəhətlər barəsində düşünmək yersizdir. Atabəy Məhəmmədin göstərişinə görə cülus gününü təbrik üçün gedənlər vaxtı ilə xəlifə əleyhinə üsyan edən şəxsiyyətlərdən seçilməlidir. Atabəy Məhəmməd bununla təzə xəlifəyə göstərmək istəyir ki, ölkələrdə xəlifə əleyhinə heç bir düşmən hərəkət yoxdur, hətta vaxtı ilə üsyan təşkil edənlərin hamısı bu gün təzə xəlifənin cülus gününü təbrik etmək üçün Bağdada yığılırlar. Şimali Azərbaycandan Bağdada gedənlərə belə bir məsləhət görürəm ki, onlar Bağdada getmək üçün Həmədandan keçib getməsinlər. Onlar bu uzun yol təriqilə vaxtında Bağdada yetişə bilməzlər. Buna görə də Təbrizə gəlib Bisütun və oradan da Kirmanşah vasitəsi ilə Bağdada getməlidirlər. Gedənlər özləri ilə bərabər yaxşı atlar götürsünlər. Təzə xəlifə yaxşı atların maraqlısıdır”. Məktub alındıqdan sonra Fəxrəddin sevindi. O, sabiq xəlifə Müstərşidbillahın sarayına göndərilən qızları Bağdadda tapa biləcəyinə və Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı. Heyət təcili surətdə Bağdada hərəkət etdi. Fəxrəddin gecə-gündüz aram olmadan at sürür və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi. İki mənzili bir gündə gedirdilər. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin doqquzuncu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar. Musa ibn-Cəfərin məqbərəsini ziyarət edib Dəclə çayı kənarına düşdükləri zaman, xəlifənin istiqbala göndərdiyi nümayəndələr Azərbaycandan gələn heyəti qəbul etdi. Azərbaycan heyətini böyük bir təntənə ilə Harunərrəşidin oğlu Əmin üçün tikdirdiyi Əmin qəsrinə gətirdilər. Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. Xəlifənin cülus günü oyuncağında iştirak etmək üçün hər tərəfdən heyətlər gəlmişdi. Bağdad şəhəri arı pətəyi kimi qaynaşırdı. Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdilər. Buna görə də Bağdad şəhəri bir ordu qərargahı şəklinə girmişdi. Lakin təzə xəlifə Bağdada gələn nümayəndələrin hamısından artıq Azərbaycan heyətinə diqqət verirdi. Onların istirahəti üçün hər nə tələb olunursa vaxtında düzəlmişdi. Təbiidir ki, xəlifə bu hörməti göstərmək üçün məcburiyyət hiss edirdi: çünki XII əsrin yarısından başlayaraq Azərbaycan atabəyləri xəlifənin siyasi nüfuzunu öz əllərinə almış və xəlifəni özlərindən asılı olan bir oyuncaq şəklinə salmışdılar. Azərbaycan atabəyləri öz tələblərini heç bir maneə hiss etmədən xəlifəyə qəbul etdirə bilərdilər. Azərbaycan heyəti ikinci gün səhər yeməyini yedikdən sonra, xəlifənin nümayəndəsi Asəf, Əmin qəsrinə gələrək onların kefini soruşdu və xəlifənin salamını yetirdi. Asəf heyətin sədri Fəxrəddinə müraciət edərək: – Xəlifənin tapşırığına görə Azərbaycan heyəti Bağdadda olduğu zaman onların xidmətində olmalıyam. Bağdadı gəzdirmək, xəlifə qəsrləri ilə tanış etmək və sairləri tamamilə mənim vəzifəmdir, – dedi. Asəfin bu sözlərindən hamıdan artıq Fəxrəddin şadlandı. O hər şeydən əvvəl Bağdad şəhərini gəzmək, heç olmazsa, Azərbaycandan Bağdada gətirilən qızlardan birisinə təsadüf edib Dilşadı soruşmaq istəyirdi. Azərbaycan heyəti atlı olaraq şəhəri gəzirdi. Çünki o zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. Asəf ən əvvəl onları Bağdad şəhərinin Mənsur nam hissəsinə gətirdi. Xəlifə Mənsur tərəfindən birinci olaraq bina edilən bu şəhər dəyirmi şəklində idi. Xəlifə bu şəhəri bina etdikdən sonra şəhərin ən ortasında özü üçün böyük bir saray tikdirib adını “Altun qəsr” qoydu. Asəf heyətə müraciətlə: – Hazırda qarşısında durduğumuz qəsr haman Altun-qəsrdir, – dedi. – İndi atlardan düşüb qəsrin içərisinə tamaşa edə bilərsiniz. Heyət üzvləri atlardan düşüb piyada oldular. Pilləkənlərdən yuxarı qalxıb milyonlarca qızıl qiymətinə başa gəlmiş qəsrin içərisini gəzdilər. Fəxrəddin fikrin əhatə edə bilməyəcəyi bir sənətkarlıqla düzələn bu qəsri gəzdiyi zaman qiymətli daşlar, qızıl və gümüşlərlə işlənmiş müzayiqələri, mərmər sütunları, xalı-gəbələri, quş qanadlarını və s. görüncə qəlbində öz-özünə: “Ancaq indi bildim ki, ərəblər bizə gətirdikləri dinin əvəzinə bizdən nələr alıb gətirmişlər”, – deyirdi. Asəf, onları heyrət və təəccüb içərisində Altun-qəsrdən çıxartdı. Onlar atlanıb dəyirmi qaladan xaricə çıxdılar. Asəf başqa bir qəsrin qarşısında atının başını çəkib dedi: – Xəlifə Mənsur öz mövqeyini möhkəm etdikdən sonra, bir az əvvəl ziyarət etdiyiniz Altun-qəsrdə yerləşə bilmədi, o, qala içərisindən xaricə çıxmağı qərara alaraq bu gördüyünüz qəsri tikdirdi. Həmin bu qəsr Bağdadda tikilən qəsrlərin hamısından böyük və hamısından da zəngindir. Mənsur xəlifə qəsrin adını “Qəsri-Xüld”, yəni cənnət qəsri qoydu. Bəni Abbas xəlifələrinin hamısı növbətlə bu qəsrdə yaşamışlar. Hazırda olduğumuz məhəllə Bağdadın ən məşhur Rəsafə məhəlləsidir. Gördüyünüz məscid də Mənsurun bina etdirdiyi, dünyanın ən böyük və zəngin məscidlərindəndir. Həmin gördüyünüz Qəsri-Xüld, mərhum xəlifəmiz əmirəlmöminin Müstərşidbillahın yaşadığı qəsrdir. Xəlifə bu qəsrdə vəfat etdi, hazırda ailəsi də burada yaşamaqdadır. Təəssüf edirəm ki, bu gözəl qəsrin içərisinə girmək mümkün olmayacaqdır. Hər halda qəsrin xarici görünüşü və daxili zənginliyi insan üçün böyük bir qənaət verməkdədir. Fəxrəddin Müstərşidbillahın ailəsi yaşadığı Xüld qəsrini gördüyü zaman Dilşadı görmüş qədər sevindi. Onun fikrinə görə, Dilşadı həmin bu qəsrdə görə biləcəkdi. Fəxrəddin öz qəlbində hər olursa olsun, axşam bu qəsrin ətrafına qayıdacağını və saraya gedib-gələnləri öyrənəcəyini qərara aldı. Atları minib saraydan ayrıldılar. Bir qədər gəzdikdən sonra Asəf atının başını çəkib durdu və dedi: – Burada üç məşhur qəsri ziyarət edəcəksiniz. Bu gördüyünüz qəsri Harunərrəşid xəlifə öz qadını Zübeydə üçün tikdirmişdir. Qəsrin adı “Qəsr-Zübeydədir”. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür. Asəf atını məhmizləyib böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı: – Bu qəsr Harunərrəşidin vəziri Cəfərin qəsridir. Harunərrəşid dövrü Şərqdə Bərməki tayfasına mənsub olan bu vəzirdən hörmətli, zəngin və gözəl adam yox idi. Siz həmin qəsrdə nahar yeməyinə dəvət olunubsunuz. Burada həm tarixi yazılara və tarixi şeylərə tamaşa edər, həm də nahar yeyəndən sonra istirahət edərsiniz. Asəf və Azərbaycan nümayəndələri atlardan piyada olub Cəfər qəsrinə çıxdılar. Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb, əlvan rəngli kəhrəbalarla döşənmiş və qızıl avizələrlə bəzənmiş böyük salona girdilər. Asəf onları salondan keçirib kiçik bir otağa gətirdi, çərçivələri yaşıl zümrüdlə işlənmiş iki pəncərənin qarşısında durub danışdı: – Dəclə çayının o biri tərəfində gördüyünüz zinətli saray Harunərrəşid xəlifənin bacısı məşhur Əbbasənin qəsridir. Hərgah maraqlanırsınızsa, bu iki qəsrin tarixi haqqında məlumat verim. Azərbaycan heyətinin nümayəndələri bir səslə Asəfin məlumat verməsini rica etdilər. Asəf məlumat verməyə başlayaraq dedi: – Harunərrəşid xəlifənin sevdiyi iki adam var idi. Onlardan birisi vəzir Cəfər, o birisi isə bacısı Əbbasə idi. Əbbasə öz vaxtında Şərqin ən məşhur gözəli idi. Harunərrəşid onu ərə verməyə qısqanırdı. O, günün birində Cəfəri yanına çağırıb dedi ki: “Mən istəyirəm ki, sevdiyim adamların ikisi də birlikdə mənim yanımda olsun. Buna görə də səninlə bacım Əbbasəni camal siğəsi oxutdurub evləndirmək istəyirəm. Lakin sən ona əl vurmamaq üçün mənim başıma and içməlisən”. Cəfər Harunun təklifini qəbul edib evləndi. Evləndən sonra qəsri tikdirdi. O daima həmin durduğunuz pəncərədən baxıb Əbbasə ilə söhbət edər və görüş üçün vədələşərdilər. Nəhayət, günlərin birində Harunərrəşid xəbər tutur ki, bacısı vəzir Cəfərdən iki oğlan doğmuşdur. Buna görə də gecə qulamı Məsruru göndərib, Cəfər namaz qıldığı halda başını kəsdirib meyitini də yandırdı. İndi də dönüb sol tərəfdə vurulan yazıları oxuyun. Asəf bunu dedikdən sonra heyət nümayəndələri dönüb divara baxdılar, dəri üzərində bir yazı gördülər. Yazı kufi xətti idi, buna görə də Asəfin özü oxudu: “Harunərrəşidin dəftərxanasındakı haqq-hesab dəftəri yoxlandığı zaman belə bir hesaba təsadüf edilmişdi: “Xəlifənin rəcəb ayının dördündə verdiyi fərmana görə həşəmətli vəzir Cəfərə dörd yüz min qızıl dinarlıq xələt verilmişdir. Vəzir Cəfərin meyitini yandırmaq üçün bir dinarlıq odun alınmışdır”. Asəf Azərbaycan nümayəndələrini bu otaqdan çıxarıb başqa bir otağa apardı. Otaqda qanlı bir xalça var idi. Xalçanın üzərində canamaz açılmışdı. Asəf xalçanı heyət nümayəndələrinə göstərib divardakı yazıları oxudu: “Cəfər şam namazı qıldığı zaman Harunərrəşidin qulamı Məsrur xəlifənin fərmanını gətirmiş və həmin xalçanın üzərində vəzirin başını kəsmişdir”. * * * Nahar yeməyini yedikdən sonra yenə də atları minib birlikdə Əmin qəsrinə gəlib hər kəs öz otağına çəkilib istirahətlə məşğul oldu. Lakin Fəxrəddinin gözünə yuxu girmədi. O, Dilşadı soraqlaşmaq üçün xəlifə Müstərşidbillahın ailəsinin yaşadığı Xüld qəsrinə tərəf getmək istəyirdi. * * * Dürrətülbağdad Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi. Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu: – Oğlan, məni Xüld qəsrinin yanına apara bilərsənmi? Gənc qara qul ərəbcə bəzi sözlər fırlatdı isə də, Fəxrəddin bir şey anlamadı. Durub fikirli-fikirli baxırdı. Nəhayət, qara qul sərnişinin ərəbcə anlamadığını hiss edərək farsca danışıb dedi: – Hərgah cənab ağa Bağdadın küçələrini gəzmək istəyirsə, uzunqulaq isə getməsi lazımdır; çünki buradan Qəsr-Xüldün yanına getmək üçün Rəsafə, Məxrəm və Şəmasiyyə məhəllələrini dolanıb getməlidir. Bu həm ağa üçün uzaq olar, həm də baha oturar. Ağam hərgah Xüld qəsrinə getmək istəyirsə, haman buradan şərqə tərəf dönüb düzdoğru daş döşəmə ilə Dəclə çayının kənarına düşməlidir. Orada kiçik səyahət yelkənləri vardır. Onlarda oturarsınız. Həm Dəclənin gecə səyahətini keçirər, həm də ki, Dəclənin sol sahilindəki Xüld qəsrinin qabağında düşərsiniz. Fəxrəddin qaraqula təşəkkür edib, çayın kənarına düşməyə başladı. Dəclə sahilinə düşüb çayın üzərindəki minlərcə səyahət yelkənlərini görüb heyrətə düşdü və özünün daima təkrar etdiyi şeri bir daha oxudu: Ələssəbahü Nişabur, xüftənü Bağdad, Nəmazü digəri Mərv, namazü şamü Herat. Qabaqda duran gəmiçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanarlar asılmışdı. Dəyirmi yelkənin ortasında bir dəyirmi miz də qoyulmuşdu. Mizin ətrafında yeddi-səkkiz nəfər gənc və bir neçə də oxuyub-çalan qız oturmuşdu. Mizin üstündə hər cürə şərab və şərabın özünə məxsus əlvan məzələr və yemək qoyulmuşdu. Fəxrəddin ətrafında gedən yelkənlərə nəzər saldığı zaman onların hamısında özünün oturduğu yelkəndə gördüklərini gördü. Yelkəndə oturanlardan bəziləri ərəb, bəziləri də fars dilində danışırdılar. Onlardan birisi piyaləsini doldurub Fəxrəddinə müraciət edərək dedi: – Bəradəri-əziz, həmrahi kon. Sərnişin bu sözləri dedikdən sonra bir piyalə şərab doldurub Fəxrəddinin qarşısına qoydu. Oxuyub-çalan qızlar da qarşılarında qoyulan piyalələri götürüb Fəxrəddinin gözü qarşısında fırladıb içdikdə, Fəxrəddin də piyaləni dodaqlarına aparıb mizin üstünə qoydu. Yelkəndə oturanlardan birisi oxuyan qıza müraciət edərək farsca: – Həyat xanım, şərab məclisi nəğmə və musiqi tələb edir, – deyərək bu şeri oxudu: Əsbi ki, səfaraş nə dahi minəxurəd ab, Adəm nə kəm əz əsb, nə mey kəmtər əz abəst. Həyat xanım gah farsca, gah da ərəbcə oxuyurdu, çünki yelkəndə ərəblər olduğu kimi farslar da var idi. Yelkən çay yuxarı o qədər də böyük sürətlə getmirdi, çünki İraq gecəsinin xəfif ruzigarları badvanın müqavimətini sındıra bilmirdi. Çayın hər iki tərəfində böyük binalar, uca saraylar, möhtəşəm qəsrlər salındığı üçün bunların arası ilə gedən yekən sanki bir xiyabanda gedirdi. Sarayların, qəsrlərin pəncərələrindən Dəclə çayına düşən işıqlar Şərqin şəvədən tünd rəngli qaranlığının köynəyini cıra bilmirdi. Çay yuxarı baxıldığı zaman suyun üzərində heyrətverici bir mənzərə açılırdı. İraq gecəsinin zülmətinə bürünmüş mavi sularda ulduzların işığını gören hər bir kəs suyun üzərinə ağ güllərlə toxunmuş bir xalça sərildiyini zənn edirdi. Yelkən yuxarı tərəfə üzdükcə Fəxrəddin də oradakılardan soruşurdu: – Burası haradır? Xüld qəsrinə yaxındırmı? – Xeyr, əziz qardaşım, yaxın deyil. Ən azı bir-iki saat yol getmək lazımdır, – deyə cavab verirdilər. Yelkəndə oturanlardan birisi xanəndə qıza müraciətlə: – Həyatım Həyat, ərəbcə oxuduğun şeirlərdən aldığım nəşələr olduqca böyükdür. Rica edirəm, məni şadlandırmaq üçün bir az Bağdadı bir-birinə vuran Dilşaddan oxu! Fəxrəddin bu sözü eşidərkən qulaqlarına inana bilmədi. O özünü yuxu aləmində hiss etdi. O diksindi və öz-özünə: – “Bəlkə də Dilşad yolunu azmış, bəlkə də şəhvətlər dünyası olan xəlifələr Bağdadı onun əxlaqını pozmuş, bunun üçün də onun adı şərab süfrələrinin başında çəkilir” – deyə düşündü. Sonra da o: – “Bəlkə də bunlar mənim Azərbaycandan Dilşadın dalınca gəldiyimi hiss edərək, mənə gülürlər. Bəlkə də bunlar xəlifənin xəfiyyələridir, bəlkə də bunlar məni Əmin qəsrindən bura qədər təqib edirmişlər”, – deyirdi. Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri oxumağa başladı: Asiman gər zi giriban qəmər avürdə birun, Əz giribanü tü, xurşid sər avürdə birun. Bə təmaşayi xətü-dilbəri-Dilşad künun, Diləm öz rövzənəyi-didə sər avürdə birun. Oxuyub çaldılar. Yenə də şərab piyalələri dolduruldu. Bu dəfə Fəxrəddin heç bir təklif almadan piyaləsini əlinə alıb yelkəndəkilərə tərəf döndü. – Sizin şərəfinizə içirəm, – dedi və piyaləni dövr etdirdi, yelkəndəkilər də içdilər. Söhbətlər geniş şəkil aldığı zaman Fəxrəddin oxuyan qıza sual verdi: – Şerinizdə adını çəkdiyiniz Dilşad kimdir? – Dilşad qırx nəfər gözəl qızların birincisidir. Onu Azərbaycandan xəlifəyə hədiyyə göndərmişdilər. O, Bağdada gəldiyi vaxt xəlifə xəstə idi, onu öz oğluna bağışladı. – Hazırda Dilşad diridirmi? – Allahın gözəl mələikəsinə ölü isnadı vermək cayizdirmi? – dedi. Bir qədər yol gedəndən sonra, yelkən bir körpünün qabağında dayandı, yelkən sahibi hörmətlə: – Bizim ağamız burada büşməlidir. Bu pilləkənlərdən qalxıb Xüld qəsrinin qabağına çıxacaqsınız, – dedikdə Fəxrəddin ondan soruşdu: – Yelkənin kirayəsi neçədir? – Qırx dinardır. – Şərabın qiyməti neçədir? – Şərab da, oxuyanların haqqı da bura daxildir. – Siz məni burada gözləyə bilərsinizmi? – İki saata kimi gözləyə bilərəm. – Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. Fəxrəddin bunu deyib, yelkəndən düşüb pilləkənlərdən yuxarı qalxdı. O tərəf bu tərəfi gözdən keçirəndən sonra Xüld qəsrinin qabağındakı meydanı tanıdı və o tərəf bu tərəfində iki nəfər silahlı qara qul duran qapının Qəsr-Xüldün qapısı olduğunu təyin etdi. Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. O, qəlbində düşünür və qara qullardan Dilşadın burada olub-olmadığını soruşmaq istəyirdi. Lakin buna cəsarət etmirdi, çünki burası xəlifə qapısıdır, qara qullara yanaşmaq və Dilşadı xəbər almaq bəzi şübhələrə səbəb ola bilərdi. Buna görə də Fəxrəddin gözlərini qəsrin qapısına zilləyib durmuşdu, oradan kimlərin çıxdığını təqib edirdi. Vaxt keçirdi, yelkənin də onu gözləməyərək getməsindən qorxurdu; çünki yelkən getdiyi zaman o, Əmin qəsrinə qayıda bilməyəcəkdi. Xüsusən Fəxrəddin, yubandığı təqdirdə Azərbaycan nümayəndələrinin də nigaran qalacaqlarını və bəzi lazımi yerlərə müraciət edəcəklərini xəyalına gətirib rahatsız olurdu. Gözünü sarayın qapısından çəkmirdi. Nəhayət, qapıda duran qara qulların şübhəsini qazandırmamaq üçün, o tərəf bu tərəfə dolanırdı. Onun fikrincə, Dilşad qapıdan meydana çıxacaq, yaxud bir tərəfə getmişsə, qayıdıb saraya gələcək, heç olmazsa sarayın meydana baxan geniş pəncərələrindən baxıb Fəxrəddini görərkən özünü pəncərədən tullayıb onun qucağına düşəcəkdi. Lakin gecə çox qaranlıq idi. Dilşad pəncərədən baxsa belə, onu tanıya bilməyəcəkdi; çünki İraq gecəsi irq fərqi olmadan hər bir kəsə qara qulların donunu geydirmiş kimi idi. Lakin Fəxrəddin yenə də qəlbində saraydan hər kəs dışarı çıxarsa-çıxsın, onu təqib etməyi və Dilşad haqqında məlumat soruşmağı qərara almışdı. Hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu. Çox sonra sarayın qapısı açıldı, oradan iki nəfər qadın dışarı çıxıb, üçüncü qadını yola saldılar, sonra yenə də qapıları bağlayıb getdilər. Üçüncü qadın Fəxrəddinin bütün varlığını titrətdi və o, qəlbində: “Əcəba, bu mənim sevgilim Dilşaddırmı?!” – deyərək özünə sual verdi. Sualın cavabını yenə də özü verib qəlbində dedi: – “Yox, o deyil, mənim sevgilimin boyu daha ucadır, vücudu daha böyük tənasübə malikdir”. Qadın saray meydanında döşənmiş qırmızı daşların üzərində getdiyi zaman, topuqlarına bağladığı xalxalların altun və kiçik zəngləri səslənirdi. Fəxrəddin onu təqib edərək hansı tərəfə getmək istədiyinə baxırdı. Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzü aşağı, Dəclə sahilinə tərəf getməyə başladı. Fəxrəddin buna həddindən artıq sevindi. Qadın olduqca vüqarlı və etinasız bir surətdə gedir və Fəxrəddinin onu təqib edib-etməməsinə diqqət vermirdi. Qadın çayın kənarındakı körpüyə düşdü, orada bir yelkən durduğunu görüb gəmiçiyə müraciət etdi: – Məni Hərbiyyə məhəlləsinə apara bilərsənmi? – dedikdə, yelkənçi: – Xeyr, başqa adamı gözləyirəm, – dedi. Qadın yenə də: – Artıq para verərəm, – dedi. – Gözlədiyim zatın parası daha artıqdır. Başqasını götürə bilmərəm. Hələlik onu gözləyəcəyəm. Bu söhbətdə Fəxrəddin yelkənçiyə yanaşdı və yelkənçi onu görürkən, qadına müraciətlə Fəxrəddini göstərib əlavə etdi: – Budur, ağanın özü gəldi. Qadın Fəxrəddini gördüyü zaman ona yaxınlaşıb soruşdu: – Möhtərəm cənab məni də Hərbiyyə məhəlləsinə qədər götürməyə icazə verərmi? – Mənim heç etirazım yoxdur. Gəmiçi Fəxrəddindən bu sözü eşidərkən dedi: – Görünür ki, mənim möhtərəm ağam Bağdada təzə gəlibdir. Biz xanımı heç bir vechlə götürə bilmərik, çünki xanım yaşadığı Hərbiyyə məhəlləsi ilə ağanın getmək istədiyi məhəllənin arası bir neçə saatlıq yoldur. Sizin getmək istədiyiniz Əmin qəsri, şəhərin şərq tərəfində və Məxrəm məhəlləsinin cənub tərəfindədir. Xanımın getmək istədiyi Hərbiyyə məhəlləsinə gəldikdə, o da yuxarıda, şəhərin qərb hissəsi ilə “Bəndəfruş” bazarının arasındadır. Buna görə də xanımı bərabər götürmək mümkün olmayacaqdır. Qadın çox sakit durub baxır və düşünürdü; çünki körpüdə başqa yelkən yox idi. Fəxrəddin isə bu qadını əlindən buraxa bilməyəcəkdi. Ona böyük ümidlər bəsləyirdi. Bunun üçün də gəmiçini razı eləmək lazım gəlirdi. Fəxrəddin bunun üçün də gəmiçiyə belə bir məsləhət verdi: – Hərgah sizin üçün ağır deyilsə, xanımı aparıb Hərbiyyə məhəlləsinə qoyandan sonra qayıdıb Əmin qəsrinə tərəf gedərik. Xanımı burada buraxıb getmək nəzakətsizlik olar. Nə qədər kiraya lazımsa, mər artıqlığınca öhdəsindən gələrəm. Fəxrəddinin bu sözündən sonra gəmiçi: – İndi ki, ağa etiraz etmir, daha mənim nə sözüm ola bilər?! – dedi. Və taxtanı götürüb körpüyə uzatdı. Fəxrəddin isə qadına tərəf dönərək: – Xanım buyura bilər, – deyərək qadının qolundan tutub yelkənə çıxartdı. Yelkəndə oxuyub-çalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. Şəraba lazım olan hər cür məzə və əlvan yeməklər süfrəyə düzülmüşdü. Yelkən şəhərin qərb hissəsinə tərəf gedirdi. Çayın üzərində bircə dənə də yelkən yox idi, çünki şəhərin bu tərəfləri uzaq olduğu üçün, səyahətçilər mərkəzdə gəzməyə sevinirdilər. Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular. Lakin Fəxrəddini nə musiqi, nə də nəğmə düşdüyü fikirlərdən ayıra bilmirdi. O ancaq Dilşadı düşünürdü. Fəxrəddin oxuyan qıza tərəf dönərək tərifləyici bir surətdə dedi: – Sizin bir-iki saat bundan qabaq oxuduğunuz qəzəl nə qədər xoşuma gəlir və nə qədər də ruh oxşayıcı idi. Mən Bağdad gecəsi və Dəclə səyahətindən aldığım təsirləri xatırlayarkən, siz haman qəzəlinizlə gəlib mənim gözümün qarşısında duracaqsınız. Oxuyan qızın ruhu yüksəldi və Fəxrəddinə təşəkkür edərək dedi: – Verdiyiniz qiymət ağanın öz alicənablığı ilə əlaqədardır. Lakin sizin xoşunuza gələn hansı bir qəzəl olduğunu xatırlaya bilmirəm. – Siz bir qızdan oxuyurdunuz. – Qərənfildənmi? – Xeyr. – Tahirədənmi? – Xeyr, o da deyildi. Söhbətə gəmiçi müdaxilə edərək: – Yəqin ki, bizim ağamız Dilşadın qəzəlini sevmişdir, – dedikdə, Fəxrəddin də: – Bəli, mən haman qəzəli demək istəyirdim. Qızlar oxuyub-çalmağa başladılar. Fəxrəddinin təqib etdiyi naməlum qadın da üzünü açdı və açan kimi Fəxrəddinə sual verdi: – Möhtərəm ağamız Dilşadın kim olduğunu bilirmi? Fəxrəddin bilməyən və tanımayan bir adam kimi çiyinlərini dartıb dedi: – Haradan tanıyıram?! İki saat bundan əvvəl adını eşitdim, maraqlandım, gözəl və nəcib olduğuna iman etdim; çünki qadının gözəlliyini hamıdan əvvəl şairlər hiss edirlər. O, əhəmiyyətli bir qadın olmasaydı, Bağdad kimi bir yerdə dillərə düşməzdi. Qadın gülərək cavab verdi: – Təbiəti şairin zövqü ilə ölçmək olmaz. İnsan ac olduğu zaman arpa çörəyini bal havası yerinə yeyər. Fəxrəddin qadının bu sözünə etiraz etmədi. Lakin qadın bir an belə ondan gözünü götürmürdü. O, tanış bir adama baxan kimi baxırdı, sanki Fəxrəddini tanış olduğu bir adama bənzədirdi. Fəxrəddin bu baxışlardan heç də şübhələnmirdi. O qəlbində: “Qadın Bağdad qadınıdır. Açıqdır, eyş-nuş içərisində böyümüş bir qadındır. Gözəlliyi və libasının zənginliyi, qulaqlarındakı qiymətli kuşvarəsi, topuqlarındakı zümrüd xalxallar, barmaqlarındakı qiymətli daşlar özünün kübar olduğunu xəbər verir. Gözüm ilə görmüşəm ki, xəlifənin sarayından çıxmışdır. Xəlifə sarayına degib-gələn adamlar da xəlifəyə layiq ailədən olmalıdır” – deyə düşünürdü. Fəxrəddin bu fikirlə şərabı götürüb piyalələri doldurdu və naməlum xanıma təklif edib dedi: – Əziz və möhtərəm xanım bu qəribin gecəsini şərəfləndirməyə tənəzzül edərmi? Qadın xəfifcəsinə təbəssüm edərək soruşdu: – Əcəba, siz qəribmisiniz? – Bəli, qəribəm. – Haradansınız?! – Fərğanədən gəlmişəm. – Burada çoxmu qalacaqsınız? – Demək olmaz, hər şey iqbalımdan asılıdır. Müsaidə əldə edərsəm, bəlkə həmişəlik burada qaldım. – Mən də qəribləri sevirəm, hətta qəlbən sevirəm! Çünki qəriblərin daddığı acılıqları mən özüm də dadmışam. Möhtərəm ağamızı hiss edirəm. Gecələri qəriblər üçün çox əziyyətdir. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. Bütün bunları nəzərə alaraq möhtərəm ağamızla olan bu qısa müsafirətdə onun vaxtının xoş keçməsinə çalışaram. Qadın bunları dedikdən sonra, piyaləni götürüb dodaqlarına aparmaq istərkən, yenə də qaytarıb mizin üstünə qoydu və üzr istəyən adamların vəziyyətinə düşərək dedi: – Biz piyalələri qaldırmadan əvvəl lazımı bir vəzifəni unutduq. Birisi ilə tanış olmadan piyalə-piyaləyə vurmaq həm ədəbsizlik, həm də nəzakətsizlikdir. Bu, bağdadlı bir qadın üçün yaramaz. İndi gəlin tanış olaq. Qadın bu sözləri dedikdən sonra əlini Fəxrəddinə tərəf uzadıb – Dürrətülbağdad, – dedi. Fəxrəddin onun əlini sıxdığı zaman – Ömərxan Fərğanəvi, – dedi. Onlar qadınla birlikdə piyaləni qaldırıb içdilər. Piyalələri doldurub içməyin fasiləsi o qədər də uzun çəkmirdi. Həm Fəxrəddin, həm də qadın oxuyub-çalan qadınlara nəğmələr, ahənglər və musiqi parçaları sifariş verirdilər. Fəxrəddin qadına çox dərin bir diqqətlə baxırdı. Onun saçları Bağdad gecəsi qədər qara, çöhrəsi isə İraqın səhər üfüqləri qədər qırmızı idi. Onun gözəl, ağlı-qırmızılı çöhrəsinin işığı zəif yanmaqda olan şamların işığını unutdururdu. O gözəl idi. Yaşı otuz beş-qırx aralarında ola bilərdi. O başındakı örtüsünü götürmüşdü. Gecənin şıltaq ruzigarı onun saçlarını sünbül arğacı kimi o tərəfə bu tərəfə qatlayır və dalğalandırırdı. Yelkənçi də bu gecəki sərnişinlərlə maraqlanırdı, məqsədə və mənzilə gec yetişmək üçün yelkəni çox yavaş-yavaş sürürdü. Yelkən xəlifələr və vəliəhdlər sarayının tam ortası ilə gedirdi. Səs-səmir yox idi. Ancaq yelkənin burnu Dəclənin göbəyini öpmək üçün mavi qumaşı yırtdığı zaman bir xışıltı eşidilirdi. Qadın içdiyi piyalələrin təsirindənmi, yaxud öz dərəni düşüncələrinin sövqindənmi ruzigardan qaşları üzərinə düşmüş qara tellərini kənara ataraq Dəclə çayına baxıb: – Bax gör mənim ağam nə qədər xoşbəxt bir gecəyə malikdir! Ulduzun şəfəqləri Dəclə çayında çimir. Ağamızın yelkəni isə səma pərilərinin əlləri üzərində gedir. Fəxrəddin də qadının cavabında dedi: – Baxınız, gecəmiz nə qədər şərəfli bir gecədir! Ulduzlar yelkənimizdə gedən aybənizli qadını görüb onu salamlamaq üçün yelkənimizin ətrafında axırlar, – dedikdə, Fəxrəddinin sözlərindən və təşbehlərindən razı qalan qadın bir daha saçlarını çöhrəsindən kənara ataraq: – Onsuz da gecəmiz qaranlıqdır. Ruzigar isə qara buludları oynadaraq, ayın üzərinə pərdə salmaq istəyir, – dedi. Yelkəndəki şadlığın nəşəsi ölçülməz qədər böyük idi. Oxuyanlar və çalanlar indiyə qədər təsadüf etdikləri sərnişinlər içərisində bu gecə təsadüf etdikləri sərnişinlər qədər xoşdil, xoşküy və ədəbli sərnişin görmədiklərini dedikləri kimi, yelkənçi də: – Ağa icazə versəydi, Bağdadda olduğu zamanda yelkəni onun sərəncamına verərdim, məmnuniyyətlə ona xidmət edərdim, – dedi. Şəhərin bu hissəsi olduqca işıq idi. Pəncərələrdən düşən işıqlar Fəxrəddinə Dürrətülbağdada lazımınca baxmaq üçün imkan yaradırdı. Qadın da Fəxrəddinə baxır, lakin ona hiss etdirməksizin baxır və şübhəsini oyandırmaq istəmirdi. Yelkən cisrə yaxınlaşdı. Pəncərələrdən və sərv ağaclarının dalısından yelkən üzərinə düşən işıqlar nəticəsində şərabla dolu piyalələrdə əlvan yarpaqların şəkli rəqs edir və şəraba təzə bir rəng bəxş edirdi. Yelkən möhtəşəm sarayların bağçaları qarşısından keçdiyi zaman, ətir qoxuları Dəclə çayında səyahət edən sərnişinlərin dimağını oxşayırdı. Gəmi cisrin altından üzüb keçdi, Bağdadın “Şəhər-Mənsur” deyilən hissəsinə yaxınlaşmağa başladılar. Qadın da artıq baş örtüsünü hazırlayır və saçlarını sahmana salırdı. Fəxrəddin qadından gözlədiyi məqsədi əldə edə bilmədiyi üçün kədərlənirdi. Eyni zamanda, Fəxrəddin, bu gözəl və munis qadınla vaxt keçirməyin nə qədər qiymətli olduğunu qeyd edirdi. Fəxrəddin qəlbində “Bağdadda olduğum zaman bu qadınla tez-tez görüşməliyəm” – deyir və öz arzusunu qadına bildirmək üçün cəsarətini dilində mərkəzləşdirməyə çalışırdı. Nəhayət, qadına tərəf dönüb sözünü dedi: – Möhtərəm xanım lütfən bu gecəki Dəclə səyahətini təkrar etmək üçün söz verə bilərmi? Mən bir daha bu səadətə nail ola biləcəyəmmi? Qadın da incə bir təbəssümlə cavab verdi: – Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı? – Unudulmaz bir təsir buraxdı. – Elə isə etiraz etmirəm. – Əziz və gözəl xanımla bərabər Bağdad gecəsində Dəclə səyahətinə çıxmaqdan nəşəli bir həyat vardırmı? – Elə isə sabah zöhr zamanı məni Rəsafə camesinin qarşısında gözləyin. Qadın bu sözlərdən sonra vidalaşıb yelkəndən körpüyə çıxdı. * * * Dilənçi xəlifələr Günorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər. Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi: – Get, ey mömin, sən ki, öz köhnə xəlifən Müttəqibillahı yadına saldın, xudavəndi-aləm səni gözsüz qoyub zəlil etməsin. Fəxrəddin korun bu duasını eşidərkən bütün varlığı titrədi, kora bir daha baxaraq, öz-özünə dedi: “Sübhanallah, bu nə deməkdir?! Necə yəni köhnə xəlifən Müttəqibillah! Əcəba, bu kor dilənçi xəlifələrin üzərinə gülürmü? Yaxud adı çəkilən xəlifə zalım olduğu üçündür ki, adını kor dilənçilərin birisinə taxıb gülürlər? Camaat yavaş-yavaş məscidə yığışırdı. Xalq başqa dilənçilərə o qədər də əhəmiyyət vermirdi, ancaq üç nəfər kor dilənçiyə kifayət qədər ehsan verildi. Onlar isə yenə də dua edərək: – Get, ey mömin, sən ki, öz köhnə xəlifəni unutmadın, xudavəndi-aləm səni dünyada və axirətdə unutmasın! – deyirdilər. Artıq Fəxrəddin hər şeyi unudub yalnız kor dilənçilər ilə məşğul idi. Korlar isə hər kəsdən pul aldığı zaman barmağı ilə pulun sikkəsini yoxlayıb gümüşü gümüş olan kisəyə, misi isə mis pullar olan kisəyə salırdı. Fəxrəddinin qulağı tanış bir səs eşitdi: – Mənim ağam, təəccüb etmə! Vaxtı ilə minlərcə möhtacla ehsan edən, bir zaman bütün Şərq ölkələrinin müqəddəs və müqtədir xəlifəsi olan şəxslər bu gün Rəsafə camesinin qapısında durub dilənə də bilər. Bu səs sanki Fəxrəddinin ruhunu qıdıqladı. O, tələsik dönüb səs gələn tərəfə baxıb yanında axşam yelkəndə tanış olduğu qadını, yəni Dürrətülbağdadı gördükdə: – Salam əleyküm, möhtərəm xanım, – deyərək təzim etdi. Qadın onun salamını alaraq soruşdu: – Mənim ağam, çoxdanmı buradasan? – Günorta azanı deyilməmişdən buradayam. – Görünür ki, səni bu bədbəxt xəlifələrin acınacaqlı vəziyyətləri məşğul etmişdir. – Belədir, şərəfli xanım. Xəlifələrin məscid qapılarında dilənməsinə inanmaq olurmu?! Əcəba, bütün islam dünyasının sərvətini özündə cəmləşdirən Bağdad, üç nəfər kor olmuş xəlifənidəmi yaşada bilmir?! Əcəba, həyatdakı xəlifələr bu qədər cəlal və dəbdəbəyə malik olduqları halda, xəlifə namını ləkələyə biləcək bu vəziyyətin qarşısını ala bilmirmi? Qadın bir ah çəkərək danışdı: – Dünya belədir, mənim ağam! Sənin sağ tərəfində daşın üstündə oturan kor, xəlifə Qahirübillahdır. Ondan bir az aşağıda oturan dilənçi isə bədbəxt xəlifə Müstəkfibillahdır. Camenin qapısında oturan qoca və zəif bədbəxt isə Şərqin ən sevdiyi xəlifəsi Müttəqibillahdır. Mənim ağam! Bağdad xalqı olduqca vəfasızdır. Onlar üç nəfər xəlifəni də yaşatmaq istəmədilər. Bu bədbəxtlər öz oğlanları, qardaşları və əmirləri tərəfindən gözlərinə mil çəkilib sarayından, malikanəsindən bayıra atılan xəlifələrdir. Başını yuxarıya qaldırıb Xüld qəsrinə və Altun qəsrə diqqətlə bax. Sənin gördüyün bu korlar, vaxtilə həmin bu qəsrlərdə yaşamış və dünya məsələlərini həll edmişlər. İndi isə camelərin qapısında durub dilənirlər. Qadın bu sözləri dedikdən sonra şiddətlə ağladı, Fəxrəddin isə qadının bu qədər alicənablığını görüncə təəccüb etdi. Qadın Fəxrəddindən ayrılıb məscidin səkisinə yaxın oturan Müttəqibillahın yanına getdi və onun yanında diz çökərək korun əlindən öpdü və gətirdiyi ehsanları onun qucağına buraxdı. Kor xəlifə onu dualayıb: – Dürrə, səni görüm həyatın acılıqlarını dadmayasan, sən ki, öz keçmiş ağanı unutmadın, Allah səni hər iki dünyada unutmasın, – deyirdi. Qadın bir daha onun əlini öpdü və sonra da iki nəfər kor xəlifəyə də ehsan verib ağlaya-ağlaya ayrıldı və Fəxrəddinin yanına gələrək üzr istəyici bir halda dedi: – Möhtərəm ağa məni əfv etsin. Sizi öz evimə axşam ayrıldığımız zaman qonaq çağırmalı idim, lakin bu gün cümə günü olduğu üçün xəlifə həzrətlərini ziyarət etmək üçün Rəsafə camesinin qarşısına gəlmək, sizi də bərabər götürüb qonaq aparmağı qərara almışdım. İndi isə buyurun axşamdakı tanışlığı möhkəm etmək üçün bir parça duz-çörək yeyək. Fəxrəddin bu sözlərdən qəlbən sevinsə də, zahirdə qadından üzr istəyərək: – Möhtərəm və əziz xanımın əziyyətinə razı ola bilmərəm, dedikdə, qadın: – Zənn edirəm ki, məni təhqir etməzsən. Mən yoldan ötən bir qadın deyiləm, sənin şərabını içdikdən sonra unudub getmək nəzakətsizlikdir. Piyalə arkadaşilə yol yoldaşını unutmaq hər kəsin işi deyildir. Rica edirəm heç bir üzr və bəhanə gətirmədən qabağıma düşüb yola başlayın, – dedi. Onlar birlikdə Dəclə çayı kənarına düşməyə başladılar. Fəxrəddin bu əsrarəngiz qadınla bərabər getdiyini və iqbalını onun əlinə tapşırdığını qəlbində tənqid edərək deyirdi: “Mən öz hərəkətimlə Nizaminin tapşırıqları əleyhinə hərəkət edirəm. Mənə Bağdada yola düşdüyüm zaman Bağdadın cadular və macəraçılar, hiyləgərlər Bağdadı olduğunu demişdi. Mənsə bir gün əvvəl tanış olduğum bir qadının qarşısına düşüb tanımadığım bir tərəfə gedirəm”. Qadın Fəxrəddinin qədəmlərindəki tərəddüdləri görüncə başını qaldırıb Fəxrəddinin üzünə baxdı: – Siz öz iqbalınızı mənim vicdanıma tapşıra bilərsiniz. Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam. Mənim hər işimdə bir səmimiyyət vardır. Bu səmimiyyətə inana bilərsiniz. Onlar danışa-danışa Dəclə çayının kənarına endilər. Qadın yelkənə oturub: – Hərbiyyə məhəlləsinə apar! – dedi. Qadın örtüsünü gözündən tamamilə atmışdı. Fəxrəddin öz qarşısında təbiətin bu bəzəkli gəlinini görüncə hər şeyi unutdu. O, gözlərinə inanmırdı. Bu qədər gözəl və rəna bir qadının bir görüş nəticəsində tanımadığı adamlarla əlaqəyə girməsinə heç vəchlə haqq və səlahiyyət qazandıra bilmirdi. Fəxrəddin daima göz qapaqlarını qaldırıb qadının çöhrəsinə rast gəlirdi, çünki qadın heç vəchlə gözlərini Fəxrəddinin üzündən götürə bilmirdi. Bu vəziyyətin özü də Fəxrəddini şübhələr içərisinə atırdı; çünki Bağdadda dul qadınlar və öz ərlərindən intiqam almaq istəyən zadəgan qadınların görüb-istədikləri adamlarla tanış olaraq evlərinə dəvət etməsini Fəxrəddin hələ Gəncədə ikən eşitmişdi. Gözəl qadınların zəngin adamları aldadaraq evinə aparması və qarət etdirib öldürməsi Bağdadda tez-tez baş verən hadisələrdən idi. Fəxrəddin heç bir şey edə bilməzdi. Yelkəni saxlatdırıb düşə bilməzdi. O, bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. O, qəlbində yenə də öz-özünə deyirdi: “Hər nə olursa olsun, həyatımda birinci dəfə təsadüf etdiyim bu möcüzəyə tamaşa edəcəyəm. Bağdad bütün islam dünyasının sərvətini özündə mərkəzləşdirmişsə, bu sərvəti mənimsəmək üçün bütün dünyanın macəraçıları bu şəhərə yığılmışça, eyni zamanda dünyanın ən məşhur gözəlləri də bu sərvətin ətrafına yığışmışdır. Qarşımda oturan bu qadınla bir saat söhbət etmək yüzillik həyatı yaşamaqdan daha qiymətlidir. Bu bir hadisədir. Bu cürə hadisələrin zəngin xatirələri insan yaşadıqca yaşaya bilər. Hələ bu qadının munis və mütəvazə bir qadın olması da insanın məhəbbətini coşdurur. Gözlərindən bir şübhə oxunursa da, çöhrəsində heç bir xəyanətin izini görə bilmirəm”. Fəxrəddin bu qədər qarma-qarışıq fikirlərin içərisində üzdüyü zaman qadın da onu ayağından başına və başından ayağına qədər ölçüb-biçirdi. O yenə də sanki vaxtilə bir kərə gördüyü, indi də unutduğu bir adamı görüb kimliyini təyin etməyə çalışırdı. Namaza gələn minlərcə müsəlmanın kor edilmiş xəlifələrə əhəmiyyət vermədiyi halda, qadının onların yanında diz çökküb əllərini öpməsi də, qadının böyük bir sirrin qaynağı olduğuna dəlalət edirdi. Qadın sanki Fəxrəddinin həmin bu mövzu üzərində düşündüyünü hiss edərək deyirdi: – Mənim hörmətli ağam, siz olduqca haqlısınız. Rəsafə məscidinin qarşısında gördüyünüz mənzərədən heyrət etməmək qabil deyildir. Qadın Rəsafə camesinin qarşısından Hərbiyyə məhəlləsinə qədər xəlifələrin həyatından və Bağdad xalqının vəfasızlığından danışdı. Onlar yelkəndən körpüyə düşüb, qırmızı kərpicdən düzəlmiş geniş pilləkənlərdən Hərbiyyə məhəlləsinə çıxdılar. Onlar yüksək və təntənəli bir qəsrin qarşısında dayandılar. Qadın qapının bürünc toxmağını bir kərə bərkdən, bir kərə yavaşdan vurdu. Gözəl və gənc bir cariyə qapını açaraq başı ilə təzim etdi. Fəxrəddin və qadın pilləkənlərdən çıxıb avizələrlə bəzənmiş bir qübbənin altına daxil oldular. Bura qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. Fəxrəddin küçə dəhlizindən keçib həyətə daxil olduğu zaman, özünü başqa bir aləmdə hiss etdi. Həyətin tam ortasında daşdan tikilmiş dəyirmi bir imarət gördü. Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. Balkonun döşəməsi kəhrəba daşları, tavanları isə əlvan qəndillər, avizələr və çilçıraqlar ilə bəzənmişdi. Dəyirmi binanın ətrafındakı xiyaban qırmızı əqiq daşları ilə şahmat taxtası şəklində döşədilmişdi. Ətraf geniş gülkarlıq idi. Gülün arxasında dəyirmi bir hovuz var idi ki, bina bu hovuzun içərisində qayırıldığı üçün bir ada şəklini almışdı. Geniş və uzun hovuzda səyahət üçün kiçik qayıqlar üzürdü. Hovuzdakı fiqurların müxtəlif əzalarından fışqıran fəvvarələr Bağdad gündüzünə məxsus hərarətin müqavimətini qıraraq, həyəti bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə doldururdu. Hovuzdan o biri tərəfə sıra ilə limon, portağal, narınc və nar ağacları əkilmişdi. Fəxrəddin həyətdə dolandığı zaman dimağına rəngbərəng güllərin ətirləri ilə bərabər limon və portağal qoxuları da gəlirdi. Limon ağaclarının arxasında Bağdad səmasına baş çəkmiş sərv ağacları boynunu ruzigara əyməyən qəhrəmanlar kimi səf çəkib dayanmışdı. Bunlar qəsrin alçaq hasarının dibində bitdikləri üçün qəsrin həyətini sərinlətmək vəzifəsini bitirirdi. Fəxrəddin sanki yuxu görürdü. O, həyəti qadınla bərabər gəzdiyi zaman belə düşünürdü: “Bu qadın Bağdad əyanları və yaxud xəlifəzadələrindən birisinin cariyəsidir. Biləks, adi bir qadın bu qədər böyük və şahanə saraya malik ola bilməz. Bilmirəm, qadın öz ağasından icazə almadan mənim kimi yabançı bir adamı qonaq gətirmək səlahiyyətinə malikdirmi? Fəxrəddin Bağdad haqqında eşitdikləri xüsusiyyətlərdən daha birisini xatırladı və öz-özünə dedi: “Olmaya mən dul bir qadının şəhvətinə alət olmaq üçün aldanıb bu evə gətirildim? Əcəba, mən Bağdadın iyrənc xüsusiyyətlərindən xəbərdar olduğum bir halda nə üçün də bu qadının tələsinə düşdüm? Əcəba, bu cariyə məni ərə gedə bilməyən dul xanımı ilə tanış etmək üçünmü bu evə gətirdi?! Mən heç vaxt bu alçaqlığı qəbul edə bilmərəm”. Fəxrəddin bu düşüncələrin təsiri altında olaraq əlini şir heykəlinin başına qoyaraq dayandı və qadına müraciətlə dedi: – Zənn edirəm ki, bu qədər bəsdir, indi xanım icazə versin, mən getməliyəm. Yoldaşlarım bura gəldiyimdən xəbərdar deyildir. Fəxrəddin bu sözləri dedikdə qadın heyrət və təəccüblə onun üzünə baxaraq soruşdu: – Mənim ağam, bu nə deməkdir?! Bizim duz-çörək kəsdiyimiz bundan ibarətmi idi?! Bir qadının evinə gəlib onun bir piyalə şərbətini içmədən çıxıb getməyin nə qədər acı bir təhqir olduğunu təsəvvür edirsinizmi?! Fəxrəddin yenə də inad göstərərək dedi: – Zənn edirəm ki, tanışlığı böyük tarixə malik olmayan və bir-birini az tanıyan adamların bir-birinə artıq zəhmət verməsi cayiz deyildir. Qadın buna etiraz edərək: – Mənim ağam, əbəs yerə siz belə düşünürsünüz, tanışlıqların hamısı əvvəlcə bu cür başlanır, – dedi. Fəxrəddin də: – Göstərdiyiniz məhəbbətlərdən razıyam, bundan artığına layiq deyiləm, – dedikdə, qadın ağladı və onun gözündən düşən bir qətrə yaş Fəxrəddinin alovlanmaqda olan cürbəcür fikirlərini söndürdü. O, qadının qəlbini ələ gətirmək üçün: – Mən getmək üçün tələsməkdə gözəl xanımı təhqir etmək istəmədim. Bütün bunlar sizin rahatınızı pozmamaq üçün idi, – dedi. Onlar həyəti dolaşıb balkona çıxdıqları zaman, cariyələr yemək süfrəsi düzəldirdi. Balkonun ətrafına nazik ipəkdən pərdə çəkilmişdi. Balkonun iki tərəfində duran xidmətçilər balkonun tavanından asılmış böyük yelpazəyə hərəkət verir və burada bahar nəsiminin sərinliklərini yaradırdı. Gözəl cariyələr, buzda sərinləşmiş əlvan şərbət və qiymətli şərabları süfrəyə düzürdü. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib qadına və Fəxrəddinə təqdim edirdi. Bu dəbdəbə yenə də Fəxrəddini düşündürdü, ona özünün adi adamın evində olmadığını xatırlatdı. Fəxrəddin qəlbində götür-qoy edib “tutaq ki, bu qadının mənə nisbət iltifatı bir səmimiyyətin nəticəsidir. Mən bu səmimiyyəti nə ilə qarşılaya bilərəm?! Dünya malına, qızıla və qiymətli daşlara ehtiyacı olmayan bir qadının qəlbini nə kimi bir mükafatla ələ gətirmək olar?” – deyir və sonra da belə bir qərara gəlirdi: “Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə bir hədiyyə almaq lazım idi. Hərgah qadının mənə olan bu hörməti bir məhəbbətin nəticəsidirsə, bunun üçün o mənə hər cürə köməyi verə bilər, mən də burada Dilşadı bu qadının vasitəsilə tapıb görüşə bilərəm”. Qadın Fəxrəddinin süfrə başında da düşündüyünü hiss edərək kənarda duran cariyəni səsləyərək: – Teyyibə, durma, sən də, Müəlla da udu, kamançanı və dəfi götürüb bura gəlin, – dedi. Bir neçə dəqiqədən sonra, qızlar dəf, ud və kamança ilə gəlib oturdular. Qadının özü udu əlinə götürüb pərdələrini düzəltdi və Fəxrəddinə müraciətlə dedi: – Dünən gecə bizim üçün yelkəndəki qız Dilşaddan oxudu, pis də oxumadı. Mən Həyatı tanıyıram, o, Bağdad oxuyanlarının ən yaxşısıdır. İndi də mən ağa üçün Dilşaddan oxuyacağam, – dedi və udun ipək simlərini tərpətdi. Bebinəm əz nəfəsi an cəmalü zibara, Digər nəzər nə güşayəm behişti hürara. Çü tarü çəng zi çəngü qamət şödəm lağər Əzon kəşəm çü kamança xürüşi bicara. Çü ney fəqan benümayem çü ud nalə konəm, Bayəd avərəm an təlötü dilarara. Fəxrəddin Azərbaycanda olduğu zaman və Dilşada nişanlandığı zaman onun bu qədər məşhur gözəl olduğunu, hətta Şərq gözəllərinin mərkəzi sayılan Bağdad şəhərinin diqqətini cəlb edəcəyini bilmirdi. Dilşadın gözəlliyinə yüzlərcə qəzəllər və rübailər həsr edildiyini eşidərkən, bir daha qəlbində inlədi, elə bir qiymətli cavahirin bir daha özünə qayıtmayacağını yəqin etdiyindən soyuq-soyuq ahlar çəkdi. Nahar yeməyi bitdi, Fəxrəddin qalxıb getmək istərkən qadın etiraz edərək: – Yox, mənim ağam, günün bu zamanı Bağdadda dışarı çıxılmaz, axşam sərinləri düşünçəyə qədər burada istirahət etməlisiniz, – dedi. Cariyələrdən birisi qabağa düşüb Fəxrəddini zəngin bir otağa gətirdi. Lakin Fəxrəddini yuxu aparmırdı. O, otağın zənginliyinə baxır, düşünür, bu müəmmalı qadının kimliyi barəsində fikrə gedirdi. Fəxrəddinin şübhələrini cəlb edən ən başlıca səbəb, qadının ona diqqətlə baxması və baxarkən qəmli-qəmli düşünməsi idi. Fəxrəddin bu fikirlə də qəti olaraq dedi: “Yəqin ki, o məni bir adama oxşatmışdır”. * * * “Yalançı Dilşad” Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi: – Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir. Qulam getdi. Fəxrəddin tələsik geyindi. Onun fikrincə, onu qapıya çağıran həmin tanış olduğu qadın idi. Lakin Fəxrəddin qapıya çıxdığı zaman, Səba xanımın qapıda durduğunu gördü, təəccüb etdi. Səba xanım irəli gəlib salam verdi və ağladı. Fəxrəddin onun salamını alaraq sual verdi: – Nə üçün ağladın? Sənə bir müsibətmi üz vermişdir? – İki gün idi ki, səni axtarırdım, tapa bilmirdim. İndi isə sevindiyim üçün ağlayıram. – Sən Bağdada nə üçün gəldin? – Mələkə neçə müddətdir ki, Bağdaddadır. Vəliəhd Həmədanda mənim yanımda qalmışdı, anasız yaşaya bilmədi, Atabəyin əmri ilə onu götürüb Bağdada gətirdim. Bu günlərdə mən də, mələkə də Həmədana qayıtmağa hazırlanırıq. – Xəlifənin cülus günündə iştirak etmək mələkə üçün maraqlı deyilmidir? – Maraqlı olsa da əlahəzrət qayıtmasına əmr vermişdir, çünki Atabəyin özü cülus günündə iştirak etmək üçün Bağdada gəlməlidir. Təəbiidir ki, mən bunları demək üçün sənin yanına gəlməmişəm, məqsədim səni görmək idi, köhnə tanışlığımızın xatirəsi bunu məndən tələb edirdi, eyni zamanda sənə bir xidmət etmək də istəyirəm. Hərgah sənin Dilşad haqqındakı məhəbbətin baqidirsə, o zaman sizi görüşdürmək üçün kömək edə bilərəm. Fəxrəddin Səba xanımın nə qədər macəraçı və yalançı olduğunu yəqin etsə də, yenə Dilşadın adını eşidərkən hər bir şeyi unutdu və Səba xanımın əlini sıxaraq: – Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. Söylə Səba, söylə, hazırda Dilşad haradadır? Səba xanım o tərəf bu tərəfə baxaraq yavaşdan dedi: – Özün düşün, harada ola bilər? Vəfat etmiş xəlifənin sarayındadır. – Səba xanım! Sən nə qədər mərhəmətli bir qızsan. Neçə gündür ki, hər gün Xüld sarayının qapısını kəsib durmaqdayam, lakin orada Dilşaddan bir iz tapa bilməmişəm. Əcəba, o bir saat da olsa saraydan dışarı çıxmırmı? – Əlbəttə, o məhbus deyildir. O istədiyi zaman hər bir tərəfə gedə bilər. Lakin mələkə sizin Bağdadda olduğunuzu eşidərək o qızın qəsrdən kənara çıxmasını qadağan etmişdir. – Onda bəs necə olsun? – Dünyada mümkün olmayan heç bir iş yoxdur. Mən hər nə olursa olsun, sizin görüşünüzü düzəldə bilərəm. Sən Dilşada bir məktub yaxıb mənə verməlisən, çünki məktub olmadan Dilşad sənin Bağdada gəldiyinə inana bilməz. Məktubu aparandan sonra vaxt təyin edərik. Mələkə qəsrdən çıxıb şəhərə getdiyi zaman Dilşadı saraydan sənin görüşünə gətirə bilərəm. Amma bunu sənə demək istəyirəm ki, Dilşadı görsən tanımayacaqsan. O qədər gözəlləşmiş, o qədər tərbiyələnmişdir ki, hazırda Bağdad gözəllərinin içərisində birinci gözəl sayılır. Yazıq qız mənim Bağdada gəldiyimi görüb o qədər sevindi ki, təsəvvürə gətirə bilmirəm. Gecə-gündüz bir otaqdayıq, səhərə kimi dərdləşirik, çünki bizim ikimiz də bədbəxt olduq. Qızın ağzı, dili və fikri ancaq Fəxrəddindir. Fəxrəddin qızın ağır vəziyyət keçirdiyini eşidərkən, nə edəcəyini və qıza nə kimi vasitələrlə nicat verəcəyini bilmirdi. O, həyəcanlı bir ifadə ilə əlini-əlinə vurub: – Bilmirəm o həyasız Qətibə bədbəxt qızdan nə istəyir? Onun gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? Qızı vətənindən, məmləkətindən aparıb Bağdad saraylarına göndərdiyi kifayət deyildimi? Əcəba, yazıq qıza əsirlikdədəmi rahatlıq vermək istəmir? Heç bilmirəm mən öz intiqamımı o həyasız qadından nə vasitə ilə alacağam. Səba xanım onu sakit edərək: – Bu cür sözlərin yeri deyil. Sən bu sözləri hey kəsin yanında danışma. Sən bilirsən ki, düşmənin çoxdur. Xüsusən Hüsaməddin ilə olan düşmənliyini unutmamalısan. Bura Bağdaddır, burada hər cür gizli işlər ola bilər. Səndən rica edirəm, tanımadığın yerlərə getmə. Mən bir sözü bilməsəm danışmaram. Burada gözəl qadınlar, minlərcə qızıl dinar qiymətinə alınmış və misli görünməmiş cariyələr vardır. Onlar səni aldadıb şəhərin tanınmaz bir guşəsinə çəkib həyatdan məhrum edə bilərlər. Səba xanım Fəxrəddini öz sədaqətinə inandırdı. Buna görə də Fəxrəddin Dilşada məktub yazıb Bağdadda olduğunu bildirmək qərarına gəldi. Səba xanım məktubu Fəxrəddindən almaq üçün Əmin qəsrinin qapısında durub gözləyirdi. Fəxrəddin məktubu çox qısa yazdı, çünki Səba xanım uzun məktub yazmamasını tapşırmışdı. Fəxrəddinin yazdığı məktubun məzmunu bundan ibarət idi: “Mənim ruhum Dilşad! Bağdaddayam, səninlə tezliklə görüşəcəyəm. Fəxrəddin”. Səba xanım məktubu alıb yola düşdüyü zaman Fəxrəddindən soruşdu: – Sən günün nə vaxtını burada olursan? – Səhərlər, bir də nahar yeməyindən sonra. – Bəlkə də sabah gecə səni görüş üçün gəlib apardım. Fəxrəddin Səba xanıma təşəkkür etdi və iyirmi qızıl da ovcuna basdı. Səba xanım pulları alıb cibinə qoyandan sonra: – Məgər mən bu xidməti pul üçün bitirmək istəyirdim? – deyərək ayrıldı. ...Qətibə Xüld qəsrində oturub Səba xanımın yolunu gözləyirdi. O qəlbində: – “Atamın qatilini burada məhv etməsəm, heç bir yerdə məhv edə bilməyəcəyəm. Bu cür işləri həyata keçirmək üçün Bağdaddan əlverişli bir yer tapa bilmərəm. Onu əcəl dolandırıb bu şəhərə gətirmişdir” – deyirdi. Qətibə bu fikirlə gəzinir və tez-tez Səba xanımın gəlib-gəlməməsini soruşurdu. Nəhayət, cariyələrdən birisi Səba xanımın qayıdıb gəldiyini xəbər verdi. Qətibə onun təcili surətdə otağa göndərilməsini əmr etdi. Səba xanım içəri girdiyi zaman onun gözlərində böyük bir qələbənin şadlığı oxunurdu. Qətibə Səba xanımın danışmasına imkan verməyərək soruşdu: – De görüm, Səba, nə xəbər gətirdin? Səba xanım cavabında: – Xanım düşündüyünü onun düşməni düşünürmüş. – De görüm, o nə düşünür? – O neçə gündür ki, Xüld qəsrinin ətrafında qarovul çəkib mələkənin dışarı çıxmasını gözləyirmiş. – Onun mənimlə nə işi vardır? – O, mələkəni oğurlatdırıb məhv etmək istəyir. O, keçən gecə qəsrin qapısında imiş. Sabah gecə də burada olacaqdır. – Onun özü də bu məqsəddə olduğunu sənə söylədimi? – Onun aldığı məlumata görə siz Bağdada gələn kimi Dilşadı həbsə aldırmışsınız. Bunun üçün də sizdən intiqam almağa çalışır. Qətibə bir az düşündükdən sonra yavaşdan dedi: – Baxıb görüm kim kimdən intiqam ala biləcəkdir. Səba xanım durub Qətibənin əlinə baxırdı. O bu xidmətinə görə Qətibədən mükafat gözləyirdi. Qətibə fikrə cummuşdu, mükafat vermək məsələsini xəyalına belə gətirmirdi. Buna görə də Səba xanım: – Mənim canım da mələkəyə qurbandır. Bu xidməti ancaq mələkənin xatirəsi üçün bitirdim. Onun qəhrəmanlığına baxmayaraq gətirib tora salacağam. Qətibə başını qaldırıb Səba xanımın üzünə baxıb təbəssümlə dedi: – Ay tamahkar şeytan, sənin nə dediyini bilirəm. Sən pulsuz və mükafatsız peyğəmbərə salavat çevirməzsən. Al, sənə bir az mükafat verim. Böyük mükafatı isə məqsədim həyata keçəndən sonra. Qətibə bunu deyərək Səba xanıma yüz qızıl verdi. Səba xanım isə qızılları cibinə saldığı zaman qəlbində: “Bu alış-veriş yaman olmadı”, – dedi və Qətibəyə müraciətlə: – İndi isə bir neçə kəlmədən ibarət məktub yazmalısan. Qətibə soruşdu: – Nə kimi bir məktub?! – Dilşadın tərəfindən Fəxrəddinə belə bir məktub yaz: “Mənim ruhum! Bağdadda olduğun zaman, eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsirini unutma, tez-tez görüşə gəl”. Qətibə qələmi götürüb Səba xanımın dediklərini yazdı və imzasını atıb Səba xanıma verdi və Hüsaməddinlə görüşüb məsələni ona demək üçün başqa bir otağa keçdi. Səba xanım isə Qətibədən aldığı kağızın aşağısını kəsib imzanı götürdü və qəhqəhə ilə gülərək dedi: – Bu vəsiqə də yaman vəsiqə deyil! Bu məktubun Qətibə tərəfindən Hüsaməddinə yazıldığına kim inanmaz? Əcəba, Atabəy öz qadınının xəttini tanımırmı?! Yaman olmadı, bu alış-veriş qazanclı alış-verişdir. Qətibənin Hüsaməddin ilə əlaqədə olmasını sübut etmək üçün bundan da möhkəm bir vəsiqə ola bilməz. Səba xanım getdi. Bir az sonra Qətibə ilə Hüsaməddin birlikdə otağa girdilər. Qətibə pəncərənin arasında oturub çox ehtiyatlı bir vəziyyət almaqla dedi: – O da biz düşündüyümüzü düşünürmüş. Hüsaməddin təəccüblə soruşdu: – Necə yəni “o da biz düşündüyümüzü düşünürmüş?”. – Elə bu saat Səba xanım onun yanından gəldi. İki gecə imiş ki, o məni öldürmək üçün Xüld qəsrinin yanında dolanırmış. – O bunu bacarmaz, burası Bağdaddır. Lakin biz bacararıq. – Səba xanım onu müəyyən bir vaxtda sarayın qapısına gətirəcəkdir. Onun şərrini birdəfəlik başdan eləmək lazımdır. Hüsaməddin fikrə getdi. Uzun dəqiqələr düşündü. O, Qətibənin təklifini bir növ həll edə bilmirdi. Xüld qəsrinin qarşısında Fəxrəddini tutub məhv etməyi imkan xaricində bir iş hesab edirdi. Buna görə də o, Qətibəyə belə bir məsləhət gördü: – Xüld qəsrinin qarşısında Fəxrəddin kimi adamı tutub məhv etmək olmaz. Əvvələ, o bir, iki, bəlkə də daha çox adama can verməz. İkincisi də, o, Azərbaycan heyətinin sədridir, onu burada – qəsrin qabağında öldürək təzə xəlifənin də xoşuna gəlməz. Mənim fikrimcə, tamamilə başqa bir tərtibat tapmalıyıq. Burası Bağdaddır, burada cürbəcür macəraçılar vardır. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. Fəxrəddini o yerlərin birisinə aparıb zəhərləmək və öldürmək lazımdır. Mənim burada tanıdığım adamlar çoxdur. Elə bir yeri mən düzəldə bilərəm, Səba xanım isə onu aldadıb həmən yerə gətirməlidir. Qətibənin rəngi gül kimi açıldı və o, şad bir çöhrə ilə: – Mümkündür, – dedi, – o, Dilşadla görüşmək üçün hər bir yerə gedə bilər. Səba xanım bunu həyata keçirmək üçün mənim canıma and içmişdir. – Mən də bu barədə mələkəyə söz verirəm. Lakin səbrin də bir dərəcəsi vardır. Mələkəyə yalvarıram, Bağdaddayıq, hər bir şeyə imkan vardır. Rica edirəm, mələkə mənim şadlığımı təxirə salmasın. – Mən istəyirəm sən yaslar, kədərlər, matəmlər içində çırpınan bir qadına deyil, şad bir ürəklə zənginliklərə bürünən bir qadına sahiblənəsən. Mən həyatımızın kədərlə deyil, bayramla başlanmasını istəyirəm. Sən bir matəm heykəlini deyil, üreyinə şadlıq və həyatına bəzək verən bir şadlığın mücəssəməsini qollarının arasına alasan. Qətibə bunu deyərək birinci dəfə qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarını ona tərəf uzatdı. Yenə də dodaqlarını onun dodaqlarından güclə qopardığı zaman: – Dalısı sonra, – dedi. – Sən Fəxrəddinin başını gətirməyi mənə borclusan. – O vəzifəni bu yaxın günlərdə bitirəcəyəm. – Sən Gözəlin oğlanlarının öldürülməsini mənə vədə vermişdin. – Mələkə Bağdaddan Həmədana qayıdana qədər bu vəzifəni bitmiş görəcəkdir. Azərbaycana bu barədə inanılmış adamlarımı göndərmişəm. Qətibə onun dodaqlarından bir daha öpdü və çox ehtiyatla dedi: – Mühüm məsələlərdən birisi də Səbanın məsələsidir. – Səbanın hansı məsələsi? – Mən elə bilirəm ki, onun Bağdada gəlməsi səbəbsiz deyildir. Toğrul, Zahir Bəlxi və Kəmaləddin burada mənim yanımda olduğu zaman Səba xanımın pərdə dalısında gizləndiyi və danışdıqlarımızı eşitdiyini söylədilər. Hüsaməddin etiraz edərək: – Ola bilməz, – dedikdə, Qətibə: – Bunu mənə xalam Aliyeyi Ülya xanım dedi. O bizim Toğrul ilə olan danışıqlarımızı Atabəyə xəbər verərsə, biz nə kimi üzr gətirə bilərik?.. İntihar etməkdən başqa bir çarə vardırmı? Mən çoxdandır Səbadan şübhələnirəm. Toğrulun mənə yazdığı məktubu itirəndən sonra bu qıza heç də qəlbim qızmır. Hər halda bunu məhv etmək lazımdır. Böyük sirlərdən xəbərdar olan ürəklərin hərəkətini dayandırmaq lazımdır. Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi, çünki o, Səba xanımı öz ruhu qədər sevirdi. O heç bir vəchlə Səba xanımın məhvinə razı ola bilməyəcəkdi. Buna görə də Hüsaməddin Qətibəni razı salmaq üçün dedi: – Mələkə bu işi mənə tapşırmalıdır. O kimi qadınların ruhu ilə mən hər kəsdən artıq tanışam. Mələkə bilməlidir ki, Səba heç bir vaxt məni satmaz. O məni qəlbən sevir. Heç vaxt mənim məhvimə razı olmaz. Hərgah mələkə qısqanmazsa, mən Səba xanımın ağzını aramaq üçün ona yaxınlaşaram. Qətibə saxta bir etiraz baxışı göstərməklə: – Sən məni yenə də zəhərləməkmi istəyirsən?! – dedikdə, Hüsaməddin: – Allah etməsin! Mən mələkəni bu qorxudan azad etmək üçün o cür əclaf qadına yaxınlaşmaq əzabına qatlaşacağam – dedi. Qətibə ağlamaq istədi, saxta bir səslə yavaşdan: – Yaxınlaş, lakin... icazə vermirəm, – dedi. * * * Fəxrəddin Səba xanımın ona verdiyi nəsihətləri unutmaq istəmirdi. Buna görə də yelkəndə tanış olduğu qadının görüşünə getmək fikrini dəyişmək istəyirdi. Eyni zamanda, qonaqlandığı və hətta evində yatıb istirahət etdiyi və olmazın hörmətlər gördüyü qadını unutmaq və mükafatsız qoymağı öz vicdanına sığışdıra bilmirdi. O tez-tez öz şübhələrinə qalib gəlmək üçün qəlbində “o mənə bir şey etmək istəsəydi, birinci gün onun evində istirahət etdiyim zaman edə bilərdi. O qadının hərəkətləri də, baxışı da bir xəyanətə qail olmadığını göstərirdi”, – deyir və düşünürdü. Fəxrəddin sonra da: “Mənim daha bu kimi qadınlara nə ehtiyacım vardır?” – deyə düşünürdü. – “Madam ki, Dilşadın yerini öyrəndim, bir halda ki, Səba xanım bizi görüşdürməyi öhdəsinə götürür, daha mənim o qadınla nə işim vardır? Mən ki, Bağdada səyahət üçün gəlmədim!”. Lakin Fəxrəddin nə danışırsa danışsın, yenə də qadının mərhəmətləri, hörmətləri, baxış və danışıqları onun gözlərində və qulaqlarında təcəssüm edir və səslənirdi. Bu xatirə və bu səslər onu qadının görüşünə getmək fikirləri üzərində möhkəm-möhkəm bağlayıb saxlayırdı. Fəxrəddin Əmin qəsrindən dışarı çıxdığı zaman qapıda bir az da durub, iki könüllü adamlar kimi düşündü və sonra da qadına bir şey hədiyyə almaq qərarına gəldi. O, Bağdadın ən zəngin mağazalarını, timcə və bazarlarını dolaşdı. Təsadüfi olaraq karvansaraların birisində bir yəhudi tacirinə rast gəldi, ən qiymətli bir xalça ələ keçirdi. Xalça Fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. Xalçanın üzərində Dürrətülbağdadın hörmət bəslədiyi, Rəsafə məscidinin qarşısında saillik edən kor xəlifə Müttəqibillahın surəti çox sənətkar bir surətdə toxunmuşdu. Xalçaya baxıldığı zaman xəlifənin xalça üzərində oturduğu və namazdan sonra əllərini və göz qapaqlarını göyə qaldırıb Allaha yalvardığı görünürdü. Diri insandan fərq edilməyən bu xalça Fəxrəddinin diqqət və nəzərini cəlb etdi. O öz-özünə: “Dürrətülbağdad üçün bundan dəyərli bir hədiyyə ola bilməz”, – deyə xalçanı ağır bir qiymətə aldı. Fəxrəddin xalçanı alandan sonra tacir Fəxrəddinə bir qadın xələtini də göstərdi. Xələt Çində düzəlmiş ən zəngin xələtlərdən idi. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi. Fəxrəddin xələtə baxdığı zaman qəlbində: “Hər nə qiymətə olursa, bu xələti də haman hörmətli qadın üçün hədiyyə alacağam”, – deyə xələti aldı. Fəxrəddin xələtin üzərindəki yazıları oxutdurduğu zaman şadlığından titrədi, xələtin yalnız nəfis və incə olmasilə deyil, onun tarixi bir irs olduğu ilə də maraqlandı. Xələtin hər iki tərəfdən döşlərində ipəklə tikilmiş belə bir yazı var idi: “Çin mələkəsindən birinci xəlifənin qadını həşəmətli Ümmi Rəman həzrətlərinə hədiyyədir”. Lakin xələtin uzun tarixə malik olduğuna baxmayaraq çox ehtiyatla saxlandığı görünürdü, olduqca təzə idi. Fəxrəddin islam tarixi üçün bu qədər əhəmiyyəti olan irsi və nəfis xalçanı götürüb getmək istərkən tacir ona nəfis bir güldan da təklif etdi. Fəxrəddin etiraz etmədi. Yəhudi taciri kiçik bir sandıqçanı açıb, pambığa sarınmış bir güldan çıxartdı. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. Xüsusən güldanda məşhur xəlifə Harunərrəşidin qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. Orada gözəl bir bağça təsvir edilmişdi. Böyük sərv ağaclarının arasındakı geniş hovuzda uca fəvvarələr atır, xəlifənin sevib evlənmək istədiyi Zübeydə isə hovuzda çimir, Harunərrəşid də böyük bir ağacın budaqları arasında gizlənib ona tamaşa edirdi. Fəxrəddin güldanı da kəmali-məmnuniyyətlə aldı. Sövda bitdikdən sonra Bağdad tacirləri hər tərəfdən xəbərdar olub karvansaraya töküldülər. Şeyləri nəzərdən keçirdikləri zaman Fəxrəddinə müraciətlə, verdiyi qiymətin üzərinə bir o qədər də əlavə etdilər. Lakin Fəxrəddin – “satmaq üçün almamışam” – deyərək, onları rədd etdi və bir nəfər hambal çağırıb şeyləri yelkənə gətirdi və hambal ilə bərabər Hərbiyyə məhəlləsinə yola düşdü. Nahar zamanına az qalırdı. Bunun üçün Fəxrəddin içəri girməkdən utanırdı. O, qəlbində düşünürdü: “Qadın mənim nahar vaxtı gəldiyimə güləcək və qəlbində – yəqin ki, nahar eləmək üçün gəlmişdir, – deyəcəkdir. Bəlkə də hazırlığı yoxdur, qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər”. O qayıda bilməyəcəkdi, hambal da hədiyyələr əlində durub gözləyirdi. Fəxrəddin məcburən qapının aslan başından ibarət olan bürünc çaxçaxını qorxa-qorxa vurdu. Bir azdan sonra qadının cariyəsi Teyyibə qapını açıb Fəxrəddini gördüyü zaman: – Mənim ağam, bu saat, – deyərək pilləkənlərdən yuxarı qalxdı. Bir dəqiqə keçmədən qadının özü şad bir çöhrə ilə Fəxrəddini qarşıladı: – Bu saatda sizi düşünürdüm. Hər bir arzuma bugünkü kimi asanlıqla nail olsaydım, daha nə dərdim ola bilərdi, – deyərək Fəxrəddinin əlindən tutub pilləkənlərdən qaldırdı. Cariyələr hambal gətirdiyi hədiyyələri alıb onların dalınca dəhlizə girdilər. Fəxrəddin isə hədiyyələri xanıma göstərib: – Möhtərəm xanımdan çox rica edirəm mənim bu kiçik hədiyyələrimi qəbul etsin, – dedi. Teyyibə birinci olaraq güldanın üzərindən örtünü götürdü. Qadın güldana baxarkən heyrətə düşdü, bu qədər zəngin və zərif bir güldanın özünə hədiyyə gətirildiyinə inanmadı. Təxminən yarım saatdan artıq güldana tamaşa etdi, onun üzərindəki tabloların nəliyini və kimliyini öyrəndi. Qadın Fəxrəddinə təşəkkür edərək dedi: – Belə nadir bir hədiyyə Bağdad saraylarının heç birisində yoxdur. Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı?! Fəxrəddin qadının cavabında: – Xanımın dərəcəsi bundan da ucadır. Haqqımda göstərilən hörmət və nəzakətin qiyməti yüzlərcə bu kimi hədiyyələrdən qiymətlidir. Tanışlığımız davam edərsə, bu böyük borcun altından çıxacağam, – dedi. Bu sözlərdən sonra cariyələrdən Müəlla xalçanı açıb göstərdi. Qadın xalçanın üzərində xəlifə Müttəqibillahı görüncə titrədi və: – Ah, mənim ağam! – deyərək xalçanı qucaqladı və dəhşətlə ağladı. Fəxrəddin onu sakit edərək: – Xalçanın sizə bu qədər fəna təsir etdiyini bilsəydim, onu sizə göstərməzdim, – dedikdə, qadın iki əllərilə Fəxrəddinin əlini sıxaraq: – Haşa, mənim ağam, haşa! Siz məni bu xalça ilə öz gəncliyimə qaytardınız. Xəlifə daima xalçada olduğu kimi mənim nəzərimdə canlandı. Sənin bu hədiyyənlə mən bir daha Bağdadın məşhur qadını olacağam, mənim evim bədbəxt xəlifə tərəfdarlarının ziyarətgahı olacaqdır. Bu söhbətlərdən sonra Teyyibə Çin xələtini açıb xanıma nişan verdi; xanım isə sevinərək: – Mən çoxdan bəri belə nəfis bir xələtin arzusunu çəkirdim, – deyə xələti götürüb otağına çəkildi, bir azdan sonra xələt əynində balkona çıxaraq, Fəxrəddinə yanaşdı və əlini onun çiyninə qoyub dedi: – Sanki mənim öz boyuma biçilmişdir. Sizin mənə bu qədər qiymət verdiyinizi bilmirdim. Sizin buradan gedəcəyiniz də mənim üçün bir dərd olacaqdır, – dedikdə, Fəxrəddin də: – Mən hələ uzun müddət buradayam. Gedəndən sonra da istədiyiniz zaman hüzurunuzda olmağa söz verirəm, – dedikdə, qadın bir ah çəkərək: – Kişilərin bir eybi orasındadır ki, qadınlardan ayrıldıqları zaman öz ürəklərini də bərabər götürüb gedirlər. Çünki onlar ürəklərini başqa bir qadına verməyi adət etmişlər, – deyərək güldü. Fəxrəddin də gülərək: – Hərgah qadını da öz ürəklərilə bərabər götürüb getsələr necə olar? – dediyi zaman qadın da: – O zaman hər kişinin yüz nəfər qadından ibarət bir hərəmxana saxlaması lazım gələrdi. – Elələri azdırmı? Qadın bir az düşündükdən sonra fikirli bir surətdə dedi: – Bağdadın iqbal dövrünü söndürən və xəlifələrin əxlaqını pozan da bu olmadımı?! Bütün dünyanın gözəl qadınları Bağdada gətirildi. Bütün dünyanın qızılları Bağdada axıb gəldi. Hamısı da qadınlara, hərəmlərə, eyş-işrətə sərf olundu. İndisə xilafətə əyləşənlərin hökmranlıq edəcəyi müddət o qədər qısalmışdır ki, bir qadının hamilə olaraq doğmasına da kifayət vermir. Xəlifə Məstəkfibillah xilafətindən endiriləndən sonra iyirmi səkkiz qadını bir ildə doğmuşdu. Gəl bu məhəbbətləri bir tərəfə buraxıb, bir az da dünyanı unudaq, – deyərək Teyyibəni səslədi və dedi: – Teyyibə, süfrəni açın, şərab gətirin, sən də, Müəlla da gəlib oturun, əziz qonağı məşğul edin, çünki mən öz söhbətlərimlə onu kədərləndirdim. Süfrə qaranlıq düşənə qədər davam etdi. Bağdad gecəsinin qara saçlı qızı qara ipək əbasını üstünə saldığı zaman, qadın da qara saçları gözünün üstündən kənara ataraq Fəxrəddini dərin nəzərlərlə süzürdü. Qadının qarşısında iyirmi beş yaşlı və kişiliyə məxsus xüsusiyyətlərin hamısını mənimsəmiş gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. Bağdad mühitində böyümüş, əsrinin incəsənət sahəsində ən yüksəklikləri əldə etmiş, bir şair qəlbi kimi həssas qəlbə malik olan bu qadın, Fəxrəddin kimi vüqarlı və zəngin bir gənci sevməyə bilərdimi?! Hələ Fəxrəddinin Bağdadda bərabəri olmayan bir qadına, bir gözələ baxmaması da, qadının Fəxrəddinə olan meyl və marağını coşdururdu, çünki Fəxrəddin öz məqsədini uduzmamaq üçün qadına qarşı ehtiyatlı və etinasız davranırdı. Fəxrəddinin fikrincə, qadına öz sevgi hisslərini duydursaydı, qadın onu başqalarına qısqanacaq və Dilşadın tapılması işinə əngəl törədə biləcəkdi. Dürrətülbağdad cariyəsi Teyyibəni səslədi: – Teyyibə, sən də, Müəlla da, Bəşarət də hazırlanın, mən bu gecəni ağanın xidmətinə və Dəclənin səyahətinə sərf edəcəyəm, – dedi. Qaranlıq hər tərəfi bürümüşdü. Fəxrəddinlə xanım və üç nəfər də cariyə Dəclə çayının kənarına düşdülər. Gəmilərdən ən birinci sinifli olan bir gəmini çağırdılar. Gəmi körpüyə yanaşırkən qadın: – Bizdən başqa heç bir kəsi götürməyəcəksən, – dedikdə, ərəb: – İtaətimiz var, – deyərək taxtanı qoydu. Cariyələr yanlarınca götürdükləri hazırlığı yelkən gəmisinin kiçik mizi üzərinə döşədilər. Qadın baş örtüsünü götürüb cariyəsinə verəndən sonra səyahətə lazım olan bütün vasitələri sahmana salmağa başladı və Fəxrəddinə tərəf dönüb: – Mənim ağam! Allaha and olsun on beş ildən bəri səyahət məqsədilə bir dəfə də olsa gəmiyə oturmamışam. Bədbəxtliyimin tarixi on beş ilə çatır. Hələlik o tarixi sizə danışmayacağam, çünki insan nə qədər daş ürəkli olursa olsun yenə də mənim bədbəxtliyim tarixindən kədərlənə bilər. Hərgah dostluğumuz davam edərsə, başıma gələn hadisə haqqında sizə danışaram. Hələlik Bağdad gecəsinin Dəclə səyahəti üçün hər nə lazımsa yerinə yetirəcəyəm. On beş ildən bəri Dürrətülbağdadın səsini eşitməyən Bağdad şəhəri, bu gecə əziz qonağın şərafinə düzələn səyahətin səbəbinə haman səsi eşidəcəkdir. Dəclənin suyu pəncərələrdən düşən əlvan şamların şəfəqi altında balıq beli kimi parlayırdı. Əlvan rəngə çalan dalğaların üstündə üzən yelkənlər, ağ qanadlı kələbəklər kimi titrəyə-titrəyə gedirdi. Hər yelkəndən bir səs, hər gəmidən bir nəğmə eşidilirdi. Qadın piyalələri doldurmuşdu. O, təbəssümlə Fəxrəddinə müraciət edərək dedi: – Udun pərdələri yerindədir. İndi də ruhun pərdələrini kökləmək lazımdır. Çünki barmaqlar ancaq ruhun mənəvi sövqü altında olaraq pərdələri danışdıra bilər. Mənim ağam! Mən musiqi dərsi keçmişəm. Başqa musiqiçiləri bilmirəm, mən öz fikrimi və öz düşüncəmi söyləyirəm. Bu deyəcəyimi məktəbdə keçməmişəm, lakin bilirəm ki, udu səsləndirən ipək tellərin bir ucu da musiqiçinin qəlbindədir. Qəlbimlə udun telləri arasındakı rabitə kəsilərsə, udun telləri danışmaz, danışsa da eşidicilərə zövq verə bilməz. Bir neçə piyalə içdikdən sonra qadın udu danışdırmağa başladı və oxudu: Bərahi Dəclə şəbəm ruzi rövşənəst im şəb, Zi rəngi badə müradəm müzəyyənəst im şəb Bir anda Dəclə üzərindəki yelkənlərdən gələn nəğmə səsləri kəsildi, yelkənlərin hamısı Dürrətülbağdadın gəmisinin sağında, solunda və arxasında gedirdi. Yelkənlərin burnuna toxunan suyun xışıltısından başqa bir səs eşidilmirdi. Sarayların, qəsrlərin pəncərələrindən minlərcə baş çıxıb Dəcləyə baxırdı. Qadın bir daha şərab piyaləsini doldurub Fəxrəddinə verdi və: – Al iç, mənim ağam! Bir neçə kəlmə də ərəblər üçün oxuyacağam, kim bilir, bəlkə bu gecəki Dəclə səyahəti son səyahətimdir, – dedi və udu çalmağa başladı: Və nəhrün müşrüqün lovnü Kəən sədyahü hoqqanun Və məşuqun bizişadün Kəən yeynahü zəbyanün Qadın bu şeri oxuyub udu yerə qoyandan sonra, qoca gəmiçi qadına tərəf üzün çevirib: – And olsun kəbənin Allahına, sizin səsinizin məlahəti ancaq Dürrətülbağdadda ola bilər. Zalimlər onu Bağdad xalqının əlindən aldılar, – dedi və ağlamaq istərkən boğazı qəhərləndi. Fəxrəddin gəmiçiyə sual verdi: – Nə üçün onu Bağdad xalqının əlindən aldılar? Gəmiçi oğlunu sükanın başında qoyub mizə yaxınlaşdı və söhbətə başladı: – Onlar bir dəstə qız idi, Reydən xəlifə Müttəqibillah üçün hədiyyə göndərilmişdilər. Onların içində kiçik yaşlı olan Dürrə adlı bir qız var imiş. O çox ədəbli, kamallı, qabiliyyətli və gözəl qız imiş. Xəlifə qızı bu cür qabiliyyətdə gördəndən sonra Bağdadda məşhur qul, kəniz və cariyə satan Fənhasın oğlanlarına müraciət edib, qızın qabiliyyətini yoxlamağı əmr etdi. Fənhasın oğlanlarından Harun bu işdə çox mahir bir adam idi. O, qızın xasiyyəti və qabiliyyəti ilə tanış olandan sonra, gəlib xəlifəyə demişdi ki, bu qızın musiqi və nəğmə üçün çox böyük qabiliyyəti vardır. Hələlik Bağdad oxuyanlarının arasında onun səsinin bərabəri görülməmişdir. Bunun üçün xəlifə qızı, çalıb-oxumaq öyrənmək üçün, Fənhasın tərbiyəxanasına tapşırmışdı. Qız Fənhasın tərbiyəxanasına verildiyi zaman on dörd yaşı var imiş. Qız dörd ilin içərisində Bağdadın ən məşhur oxuyub-çalan bir qızı olur. O çox gözəl imiş, onun üzünə baxan bir daha gözünü onun üzündən götürmək istəməzdi. Nə başınızı ağrıdım, Harun qızı çox qiymətli libaslar və daş-qaşla bəzəyib xəlifənin sarayına aparır. Harun qızı tərbiyəxanadan götürüb xəlifənin hüzuruna gedən zaman cariyələrin hamısı bir-birilə pıçıldaşıb deyirlər ki: “Heyf olsun bu gözəl qıza, bu gecə o qoca xəlifənin qoynunda olacaqdır. Xəlifə heç vaxt bu gözəllikdə qızı öz əlindən buraxmaz”. Bunun üçün də deyilənlərə görə, qız xəlifənin hüzuruna aparıldığı zaman qorxusundan qəlbi çırpınırmış. Qızı xəlifənin hüzuruna aparan gün fitr bayramı imiş. Xəlifə Bağdad əyanları və şahzadələri üçün böyük bayram ziyafəti düzlətmiş imiş. Ziyafətə Bağdadın məşhur oxuyub-çalanlarından bir çoxları dəvət edilmiş imiş. Xəlifənin nədimi Əbüldar məktəb qurtaran qızın gətirildiyini xəbər verir. Xəlifə qızın hüzura gətirilməsinə əmr verir. Məclisdə olanlar musiqinin və oxuyan qızların səsini unudub ancaq o qızın gözəlliyinə baxırmışlar. Məclis əhlinin hamısı bir-birlərinə dönüb: “İndiyə qədər hələ Bağdad şəhəri belə gözəl görməmişdir” – deyərək, bir-birinin qulağına pıçıldayırmış. Xəlifə qızı görərkən: “Sübhanallah, bu necə bir xariqədir” – demiş və qızdan soruşmuşdu: – Sənin adın nədir? Qız demişdi ki, adım – Dürrədir. Xəlifə irəli gəlib demişdi ki: – Öz adını yarımçıq demə! Sənin adın Dürrətülbağdaddır. Xəlifə icazə verdikdən sonra qız oturur. Xəlifə ona əmr edir ki, öz öyrəndiklərini çalıb-oxusun. Qız elə oxuyub, elə çalmışdı ki, xəlifə və xəlifə məclisindəkilər özünü unutmuşdu. Xəlifə qalxıb onun alnından öpmüş və demiş ki, səni azad etdim. Sən cariyə olmaqdansa, musiqi müəllimliyində olmalısan, sən orada hamıdan artıq fayda verə bilərsən. Sonra da xəlifə ona böyük bir qəsr, mal və dövlət bağışlamışdı. Xəlifə ona həmişə deyirmiş ki, “qızım, mənim üçün bir az oxu!”. Qız onun ehsanlarının bərəkətindən Bağdad şəhərinin ən varlı qızlarından idi. Bağdadda onun səsini eşitmək üçün minlərcə dirhəm qızıl xərcləyənlər var idi. Lakin onu bədbəxt etdilər. O, gözəl bir gəncə nişanlanmışdı. Gənc olduqca igid və varlı bir gənc idi. Bütün Bağdad gəncləri ona həsəd aparırdı. Nəhayət, Qahirübillah xəlifənin qardaşı oğlunun tapşırığı ilə haman oğlanı aldadıb Mədain xərabələrini görmək üçün səyahətə apardılar və orada onu boğub Dəcləyə atdılar, ölüsü də tapılmadı. O zamandan bəri haman qızın səsini eşidən olmayıbdır. Bu gecə xanım oxuduqda, mən o bədbəxt qızın səsini xatırladım. Ah, Bağdad bir daha elə oxuyan görəcəkdirmi?.. Qoca sözünü bitirdikdə Fəxrəddin qadına sual verdi: – Qocanın dedikləri doğrudurmu? – Tamamilə doğrudur. Əlavəyə ehtiyac yoxdur. Bu dastanı Bağdadda eşitməyən yoxdur. – Əcəba, haman Dürrətülbağdad sizsinizmi? – Bəli, o bədbəxt sənin qarşında oturmuşdur. Sən elə bilmə ki, mən şadlığımdan oxudum. Bu gecəki Dəclə səyahətini bədbəxt ərimin xatirəsinə düzəltmişdim, çünki əziz qonaq tamamilə mənim məhv olan ərimə bənzəyir. Ona görə də mən bir neçə saatlıq keçmişlərə qayıtmaq istədim. Fəxrəddin qadına sual verdi: – Əriniz ərəbmi idi? – Xeyr, nə ərəb, nə də fars idi. O, Arandan Bağdada hərbi xidmət üçün gəlmiş bir gənc idi. – Adı xatirinizdədirmi? – Əlbəttə xatirimdədir. Onu heç unutmaq olurmu? Bədbəxtin adı Sədrəddin idi. Fəxrəddin ağladı və qadının alnından öpərək: – O mənim qardaşım idi, o mənim böyük qardaşım qəhrəman Sədrəddin idi, – dedi. Qadın heyrətlə onun üzünə baxaraq: – Əcəba, sən Fərğanəli Ömər xan deyilmisən? – Xeyr, mən azərbaycanlı Fəxrəddinəm. – Fəxrəddin? – Bəli, Fəxrəddin. – Onun özü mənə Fəxrəddin adında kiçik qardaşı və Sənubər adında anası olduğunu söyləməmişdi. Fəxrəddin bir daha ağlayaraq: – Bəli, yazıq qadın indi də onun yolunu gözləyir, – dedi. Birlikdə evə qayıtdılar. Fəxrəddin ona öz qəlbini açdı və nə üçün gəldiyini söylədi. Qadın isə bir az fikirləşdikdən sonra: – Süsən xanım xəlifənin evindədir. Mən ona tərbiyə verirəm. Dilşad isə digər qızlarla bərabər Fənhasın tərbiyəxanasındadır. Süsənlə görüşmək mümkündür. Lakin Dilşad olan yerə getmək üçün təzə xəlifənin icazəsi lazımdır; çünki oradakı cariyələrin hamısı xəlifələrə və şahzadələrə məxsusdur. Fəxrəddin fikrə getmişdi. Daha danışmırdı. Nəhayət, qadın sükutu pozaraq yavaşdan dedi: – Sənin bir qədər ehtiyatlı olmağın lazımdır. Mən iki gün bundan əvvəl xəlifə sarayında eşitdiyim xəbərin mənasını ancaq indi anlaya bildim. Sən Dilşadı axtarmaq üçün Xüld qəsrinə getmişdinmi? – Bəli, getmişdim. – Sənin ölən xəlifənin nəvəsi Qətibə xatunla nə kimi haqq-hesabın vardır? – Mənim onunla heç bir işim yoxdur. – Səndən də başqa bir azərbaycanlı Bağdadda gəlmişdirmi? – Böyük bir heyət gəlmişdir. Heyətin sədri də mənəm. – İndi məsələ aydındır. Mən sarayda olarkən xəlifənin kiçik qızı Aliyeyi Ülya mənə pıçıldadı ki, guya Azərbaycan heyətinin sədri Xüld qəsrinin ətrafında dolaşır, Atabəy Məhəmmədin qadını Qətibə xatunu öldürmək istəyir, buna görə də səndən çox rica edirəm ki, o tərəflərdə dolanma! De görüm onlar sənin yanına kimi göndərmişlər? – Onun cariyəsi gəlib, məni Dilşadla görüşdürmək üçün təşəbbüs etdiyini xəbər verdi. – Sən əmin ol ki, onlar səni məhv etmək istəyirlər. Bu sirri bir kimsəyə açma, çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. Lakin yanına gələn qadından qorx, onun təklif etdiyi yerlərə ayaq basma! Onlar hər nə deyirsə yalandır. Dilşad sarayda deyildir. Bu sözlərdən sonra Fəxrəddin Səba xanımın bir daha onu aldatdığını yəqin etdi və qadına təşəkkür etdi. * * * Nizamiyə sui-qəsd Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü. O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq: – Mənim səmimi dostum, şübhəsizdir ki, şad xəbərlə gəlmişdir, – dedikdə, Səba xanım da: – Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmərəm. Şükür olsun ki, böyük zəhmətdən sonra səni məqsədə nail etdim. Bu axşam Dilşadı Dəclə səyahəti adına saraydan çıxaracağam. Sən də Xüld qəsrinin qarşısında məni gözlərsən. Dilşadı Muxtalə xatunun evinə aparandan sonra, gəlib buradan səni görüşə aparacağam. – Muxtalə kimdir? – Muxtalə dəlallıq edən bir qadındır. Evi də çox uzaqda deyil. Şəmasiyyə məhəlləsindədir. Özü də bizim üçün çox baha oturmayacaqdır. İyirmi qızıl Muxtalə xatuna verməliyik, iyirmi qızıl da sarayın qapıçılarına verib ağızlarını yummaq lazımdır. Dilşadla quru süfrədə görüşməmək üçün də bəzi şeylər almaq lazımdır. Onun üçün də heç olmasa iyirmi qızıl verməlisən. Mənim zəhmətim isə sənə qurbandır. Onun üçün heç bir şey istəmirəm. Fəxrəddin Dürrətülbağdadın dediklərini xatırladı. Səba xanımın onu cəllad əlinə verməyə hazırlandığını yəqin etdi və özünü aldırmayaraq gülər və razı bir çöhrə ilə dedi: – Mən sənin kimi səmimi bir dost əldə gətirdiyim üçün özümü həddindən artıq xoşbəxt hesab edirəm. Bilirsən, Səba xanım, hazırda mən sənin gözəlliyinlə, sənin bacarıq və ədəbinlə Dilşadda olan xüsusiyyətləri müqayisə edirəm. Baxıb görürəm ki, Dilşad kimi qızlar sənin bir dırnağın belə ola bilməz. Bunun üçün də mən qəlbimi Dilşadın əlindən alaraq sənin əlinə tapşırıram. Mən artıq Dilşadı görməyə və onunla əvvəlki sevgiləri davam etdirməyə maraqlı deyiləm. Sən bilirdin ki, vaxtilə mən səni sevirdim. Səba fikirli bir surətdə dedi: – Nə üçün də bilmirdim. – İndi necə, qəlbində haman sevgilərdən az da olsa qalırmı? – Sənin səmimiyyətinə inansaydım, mən ancaq sənin olardım. – Məndən bir səmimiyyətsizlik gördünmü? – Sən bir zaman məni tamamilə atdın. – Yenə də buna sən özün səbəb oldun. İndi isə təklif edirəm, sözün nədir? Səba xanım Fəxrəddinin onu bir sevgi ilə qarşılayacağına heç də inanmırdı. Onun üçün bu təklif olduqca əlverişli idi. Çünki o, Atabəy Məhəmmədlə Qətibə arasında yaratdığı qorxulu macəradan müvəffəqiyyətlə qurtara biləcəyinə əmin deyildi. Artıq o, Qətibənin bütün sirlərini Atabəy Məhəmmədə vermişdi. Hətta Qətibəni aldadıb Dilşadın dilindən Fəxrəddinə yazılan: “Mənim ruhum! Bağdada olduğu zaman eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsirini unutma, tez-tez görüşə gəl!” məzmunlu məktubu da Atabəyə göndərib məktubun Qətibə tərəfindən Toğrula yazıldığını bildirmişdi. Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. O hər cür olursa olsun, özünü nüfuzlu bir adamı bağlayaraq paytaxtdan qaçmağı düşünürdü. Səba xanım bilirdi ki, Fəxrəddin onu müdafiə etdiyi təqdirdə, o, Azərbaycanda azad yaşaya bilərdi, onu nə Qətibə, nə də başqaları cəzalandıra bilməzdi. Səba xanım artıq Fəxrəddinin məhv edilməsi haqqında deyil, yaşaması barəsində düşünürdü. O, bu düşüncələrin təsirində olaraq başını qaldırıb Fəxrəddinin üzünə baxdı və utana-utana dedi: – Sözüm sözdür. Mənim sevgilim, sözlərindən bütün gənclik xatirələrim canlandı. Lakin səndən bir ricam vardır. Özünü Qətibədən gözlə. O səni məhv etmək istəyir. Çünki o, atasının öldürülməsi səbəbini səndə və Nizamidə görür. Hüsaməddin bu barədə Qətibədən böyük tapşırıq almışdır. Hüsaməddin səni də, Atabəyin oğlanlarını da, şair Nizamini də öldürməyi öz öhdəsinə götürmüşdür. Zənn edirəm ki, Nizamini öldürmək üçün iki gün bundan əvvəlki müşavirədə qərar çıxarıldı. – Hansı müşavirədə? Bu müşavirə harada çağırılmışdı? – Müşavirəni Qətibə xatun Müstərşidbillahın sarayında çağırmışdı. – Müşavirədə kim iştirak edirdi? – İştirak edənlər: Zəhir Bəlxi, şair Kəmaləddin və Sultan Toğrul idi. Orada səni və Nizamini qətl etdirmək qərarını çıxartdılar. Səni burada, Nizamini isə Gəncədə öldürəcəklər. – Nə vasitə ilə öldürəcəklərini bilmədinmi? – Toğrul tərəfindən Gəncəyə üç nəfər adam gedəcəkdir. Şairə Toğrulun məktubunu aparıb “Xosrov və Şirin” dastanını yazmasını rica edəcəklər. Onların göstərişi nəticəsində müəyyən adamlar Nizamini öz evində öldürəcəklər. – Gəncəyə məktub aparanların adını bilirsənmi? – Bilirəm. – Kimlərdir? –Toğrulun məktubunu aparanlardan birisi onun xüsusi katibi Əbülqədir, ikincisi xas qulamlardan Cəmad, üçüncüsü isə Mülhimdir. – Onlar yola düşdülərmi? – Xeyr, hələlik buradadırlar. Bəlkə sabah yola düşdülər. Toğrulun məktubunu düzəltmək Zəhir Bəlxi və Kəmaləddinə tapşırılmışdır. Müəyyən bir zaman özünüzü mühafizə edə bilsəydiniz, sonra Qətibənin intiqamlarından əmin ola bilərdiniz; çünki Qətibənin Atabəy yanında olan əvvəlki mövqeyi qalmamışdır. O sarsılmaq üzrədir. Qorxmayın, onun varlığını çeynəməyə başlamışam. Sən ki, mənim qüdrətimi bilirsən. Lakin bir hadisə baş verdiyi təqdirdə məni müdafiəyə söz verməlisən. – Əmin ola bilərsən. Azərbaycanda heç kəs sənin gözünü püfləyə bilməz. Lakin sən mənimlə sıx və səmimi əlaqədə olmalısan. O hiyləgər qadına aldanmamalısan. Onun gördüyü işlərin hamısı bizim və Vətənimizin zərərinədir. Çox danışdıqdan sonra Səba xanım məhzun bir surətdə Fəxrəddinin əlini sıxaraq: – Təəssüf ki, biz sabah səhər saat səkkizdə Bağdaddan gedirik; çünki Atabəy bir gün əvvəl Həmədandan Bağdada hərəkət etmişdir. – Zəhir Bəlxi və Toğrul da gedəcəkdirmi? – Burada ancaq Hüsaməddin qalacaqdır. Sən ondan ayıq ol. O, yalnız sənin başını Qətibəyə apardığı zaman onu bir qadın kimi mənimsəyəcəkdir. Fəxrəddin sui-qəsdi təcili qasidlə Gəncəyə xəbər vermək üçün Səba xanımdan ayrıldı və vidalaşarkən: – Əmin ol, səni Azərbaycana aparacağam, – dedi. Fəxrəddin məktubu yazmaq üçün Əmin qəsrinə qayıdıb otağın qapısını bağladı. Məktubu yazmağa başladı: “Möhtərəm və əziz dostum, böyük şairim! Bu gün beş gündür ki, Bağdaddayam. Mən indiki Bağdadı gördüyüm zaman iqbal dövründə burada nə qiyamətlər olduğunu təsəvvürümə gətirdim. Mən buradakı qəsrləri, sarayları və kaşanələri gördüyüm vaxt islam dünyasının yoxsul və dilənçi halında yaşamasının səbəbini öyrəndim və bizə din verən xəlifələr paytaxtında böyük bir dinsizlik hökm sürdüyünə inandım. Xəlifələr tək özləri üçün deyil, sevimli cariyələri üçün belə şahanə saraylar, qəsrlər tikdirmişlər. Sənə yazmaq üçün o qədər məsələlər vardır ki, burada oturub bir kitab yazmaq olar. Hələlik Atabəy Məhəmmədin özü Bağdada gəlməmişdir. Mələkəsi buradadır. Mələkə Zəhir Bəlxi, Kəmaləddin və Hüsaməddini başına yığıb bəzi sui-qəsdlər hazırlayır. Bu dəstə bədbəxt Toğrulu da əllərində alət edibdir. Mən sənin vəsiyyətlərini unudaraq yenə də alçaq Səba xanıma inandım. O məni Dilşadla görüşdürmək bəhanəsilə ölümə aparmağa gəlmişdi, lakin iqbal məni əxlaqsızın əlindən qurtardı. Nəticədə mən onu aldatdım. O, böyük bir sui-qəsdin mündəricəsini mənim əlimə tapşırdı. Məni öldürməyi Hüsaməddinə və Səba xanıma həvalə etmişlər imiş. Səni öldürməyi isə Toğrulun katibi Əbülqədirə, onun xas qulamı Cəmada və Mülhimə tapşırmışlar. Onlar sənə Toğrulun məktubunu gətirəcəklər. Məktubda, Toğrul səndən “Xosrov və Şirin” dastanını yazmağı xahiş edəcəkdir. Onlar səni öldürmək üçün başqalarını da gətirəcəklər. Rica edirəm, saymazlıq etmə. Əlaəddin üçün də məktub göndərdim. Bağdad, Fəxrəddin”. * * * Xəlifənin qızları Bu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi. Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı. Yaşıl atlas don geyinmiş və alınlarına yaşıl ipək çalma çalmış gözəl qızlar tovuz quşu kimi çiçəkli xiyabanları gəzir və qəhqəhə ilə gülürdülər. Gəncədən qırx bir qızla bərabər Əmir İnanc tərəfindən xəlifəyə hədiyyə göndərilən Süsən də xəlifənin qızları ilə bərabər Dürrətülbağdadın ziyafətinə gəlmişdi. Ona vaxt ikən, Fəxrəddin ziyafətə gəldiyi zaman tanış olduğunu bildirməməsi tapşırılmışdı. Çünki xəlifənin qızları Fəxrəddinin Dilşadı aramaq üçün gəldiyini bilməməli idilər. Xəlifənin qızı Aliyeyi Ülya Dürrətülbağdada müraciət edərək: – Müəllimə bizi öz qaynı ilə tanış etmək istəmirmi? – dedikdə, Dürrətülbağdad qızların qolundan tutub balkona çıxardı. Fəxrəddin müəllimlər və musiqi xadimləri ilə şirin söhbət edir və Bağdad xalqının adət və ənənələri haqqında məlumat yığırdı. Fəxrəddin yaşıl ipək paltar geymiş qızları gördüyü zaman, xəlifə qızları olduğunu yəqin etdi. Çünki rəsmi ziyafətlərdə əbbasilərin erkəkləri qara, qadınları isə yaşıl paltar geyməyi adət etmişdilər. Dürrətülbağdad Fəxrəddinin qolundan tutaraq qızlara: – Möhtərəm qaynım Fəxrəddinlə tanış olun, – dedi. Xəlifənin qızı Aliyeyi Ülya Fəxrəddinlə tanış olandan sonra Dürrətülbağdada tərəf döndü: – Qaynım gəlib deməsəydin, mən ağanı görən kimi, rəhmətlik Sədrəddinin gəldiyini zənn edəcəkdim. Dürrətülbağdad da cavabında: – Mən özüm də möhtərəm qaynımı gördüyüm zaman elə zənn etdim. Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm, hətta qaynanam da sağ imiş, – dedi və xəlifənin qızlarının qolundan tutaraq əlavə etdi: – İndi də gəlin sizə qaynımın mənim üçün gətirdiyi hədiyyələri nişan verim. O, qonaqları və xəlifənin qızlarını hədiyyələr qoyulan otağa gətirdi. Xəlifənin qızı Aliyeyi Ülya otağa girən kimi geri qayıdıb ev sahibinə dedi: – Qoy qoca namazı qılıb qurtarsın, rahatsız etmə! Qadın gülümsəyərək cavab verdi: – Otaqda namaz qılan yoxdur, gördüyün xəlifə Müttəqibillahın xalçada toxunmuş şəklidir. Bu sözdən sonra qonaqların hamısı təəccüb etdi. İçəri girmək üçün tələsirdilər. Bir anda hamısı xalçanın ətrafına yığılmışdı. Xalçaya baxanların hərəsi ona bir cür qiymət qoyurdu. Nəhayət, Dürrətülbağdadın özü xalçanın qiymətini təyin edərək dedi: – Xalçanın əsas qiyməti orasındadır ki, onu mənə qaynım almışdır. Bu son qiyməti qonaqların hamısı təsdiq etdi. Xalça olan otaqdan çıxaraq böyük çini güldan qoyulan otağa girdilər. Qonaqlar bir ağızdan: – Keçmişdəki Bağdad qəsrlərinin iç üzünü ancaq bu əntiqə tarixi güldanın üzərindən oxumaq kifayətdir, – dedilər. Sonra Dürrətülbağdad qadınları başqa bir otağa gətirib Çində, Əbubəkr xəlifənin qadını Ümmi-Rəman üçün toxunmuş və Çin mələkəsi tərəfindən hədiyyəyə göndərilmiş xələti göstərdi və sonra onu əyninə geydi. Xəlifənin qızı zəngin xələtin döşlərindəki yazını oxuyandan sonra Dürrətülbağdadın üzündən öpərək: – Hazırda mənim müəlliməm islam dünyasının ən zəngin bir qadınıdır. Xalça və güldan nə qədər nəfis, nə qədər qiymətlidirsə, öz yerində, lakin Çin xələtinin İslam tarixi üçün müqəddəs bir irs olaraq böyük və əhatəedilməz bir qiyməti vardır. Qonaqların hamısı qiymətli şeylərin ətrafında məşğul idi. Onların hər birisi güldan haqqında öz fikrini deyirdi. Fəxrəddin hamıdan arxada durub qonaqların sözlərini eşidirdi. Buna görə Süsən Fəxrəddinə yanaşıb yavaşdan soruşdu: – Bizi Bağdadın bəzəkli qəfəslərindən qurtara biləcəksənmi? Bilmirəm, Dilşadı görə biləcəksənmi? Çünki onun yanına getmək çox çətindir. Onun işi gecə-gündüz ağlamaqdır. Fəxrəddin yavaşdan dedi: – Süsən, əmin ol! Sizi buradan aparmamış Azərbaycana qayıtmayacağam. Ehtiyatlı ol, mənim məqsədimi heç bir kəsə bildirmə. Aliyeyi Ülya hədiyyələrə çox diqqətlə baxdıqdan sonra bir daha Fəxrəddinin yanına gəlib Dürrətülbağdada göstərdiyi mehribanlıq səbəbinə razılıq etdi və hədiyyələri tərifləndi. Xəlifənin qızlarının nəzəri ancaq Fəxrəddinin üzündə idi. Fəxrəddin ərəbcə təmiz danışa bilmədiyi üçün mütərcim vasitəsilə danışmaq məcburiyyətində idi. Lakin xəlifənin kiçik qızı Mütərra xanım, Fəxrəddinlə farsca çox azad danışmağa başladı və: – Dürrəni aparmaq üçünmü gəldiniz? – dedikdə, Fəxrəddin də: – Orası xanımın öz marağından asılıdır, – dedi. Xanım isə: – Mənim məqsədim qayınlarımı və qaynanamı Bağdada gətirməkdir. Hərgah buna müvəffəq ola bilməsəm, özüm onların ziyarətinə gedəcəyəm, – dedi. Musiqiçilər və xanəndələr oxuyub-çalmağa başladılar, hamı balkona qayıtdı. Süfrədə qızardılmış quşlar, balıqlar, düyüdən hazırlanmış cürbəcür yeməklər, Bağdadda məxsus dadlılar, halvalar və sairləri var idi. Buzlu şərbət, iskəncəbi qonaqların sevimli içkiləri idi. Xəlifənin qızları Aliyeyi Ülya və Mütərra xanımlar Dürrətülbağdada yalvarıb deyirdilər: – Rica edirik, möhtərəm ağamızı bərabər götürüb Xüld qəsrinə gətirin. Hamıdan sonra Mütərra xanım Fəxrəddinə yanaşıb soruşdu: – İndi deyin görüm, təzə xəlifənin cülusu münasibətilə təşkil edilən kuy və çövkan rəsmində iştirak edəcəksinizmi? Fəxrəddin: – Mənim bu işlə o qədər də tanışlığım yoxdur. Kim bilir, bəlkə də iştirak etdim, – dedikdə, qız da cavabında: – Sizin mərhum qardaşınız kuy və çövkan oyununda qalib gəldiyi üçün Dürrətülbağdad onu sevmişdi. Dürrətülbağdad qəhrəmanları sevdiyi üçün qardaşınıza ərə getdi. Xəlifənin qızı bu sözləri dedikdən sonra gözlərini yerə dikib utana-uatana əlavə etdi: – Bilmirəm siz də qalib gələ biləcəksinizmi? Çünki mən də qəhrəmanları sevirəm. – Eybi nədir... Hərgah xəlifə icazə verərsə, mən də öz yerimizin qaydasınca bir neçə top və çövkan ataram. Xəlifənin böyük qızı Aliyeyi Ülya söhbətə müdaxilə edərək dedi: – Lakin ehtiyatlı olmalısınız. Türküstanlılar kuy və çövkan işində hər yerin xalqından sənətkardırlar. Bu işdə Türküstan atlarının da əhəmiyyəti vardır. Dürrətülbağdad sözə müdaxilə edərək: – Rəhmətlik Sədrəddin öz gətirdiyi atı ilə iki il tamam kuy və çövkan meydanını ələ ala bildi. Nədənsə rəhmətlik bədbəxt olduqdan sonra, at da xəstələnib öldü. Fəxrəddin cavabında dedi: – Haman atın nəslindən daha igid bir at özümlə bərabər gətirmişəm. Çalıb-oxuyanlara çox az vaxt verilirdi. Hər kəs bu gün Dürrətülbağdadın oxuyacağına inanırdı; çünki o öz qaynı Fəxrəddinin şərəfinə verilən bu ziyafətə olduqca əhəmiyyət verirdi. Dürrə öz çalan cariyələrini çağırıb oxumağa başladı. Süsən isə fürsəti əldə edib Fəxrəddinin yanında oturdu. Fəxrəddin ona yavaşdan deyirdi: – Sabah, yainki o birisi gün Dilşadın yaşadığı yerə səyahət üçün gedəcəyəm. Nəticəni Dürrətülbağdadın vasitəsi ilə sənə xəbər verərəm. Mənə deyiləsi hər nə sözün olsa, ona deyə bilərsən. Lakin heç bir kəsə hiss etdirmədən hazırlanmalısan. Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm. Süsən bu sözləri eşidəndən sonra bir ah çəkərək: – Əmir İnanc orada bizə dinc həyat verəcəkdirmi? – dedikdə, Fəxrəddin: – Əmir İnancı da, onun vəziri Toxtamışı da dara çəkdik. Qızların, kənizlərin zindanı olan sarayın da daşını daş üstə qoymadıq. * * * Qadınlar və qızlar dünyası Səhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi. Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı. Qonaqlar geniş və əlvan güllər əkilmiş həyətin axırına qədər gedəndən sonra qəsrin böyründəki böyük bir qapıdan içəri girdilər. Bura qul və kənizlərin ümumi göstəriş yeri idi. Bura geniş, dəyirmi və üstüörtülü bir meydança şəklində idi. Dəyirmi binanın hər tərəfi kiçik otaqlardan ibarət idi ki, bunların sayıhesabı yox idi. Fənhas müəssisəsinin müdiri səyahətçilərə bu meydança və ətrafındakı otaqlar haqqında məlumat verərək deyirdi: – Buranı Rəşid xəlifənin vaxtında rəhmətlik Fənhas tikdirmişdir. Buranın adına o zamanlar “Qadınlar və qızlar dünyası” deyirlərmiş. Ən adi zamanlarda burada iyirmi minə qədər kənizlər, cariyələr və qulamlar bəslənir və satış üçün tərbiyə olunurmuş. Hazırda isə yeddisəkkiz mindən artıq kəniz, qul və cariyəsi yoxdur. İndi buyurub otaqları və cariyələri tamaşa edə bilərsiniz, – dedi və səyahətçilərin qarşısına düşdü. Meydançanın ətrafında cariyələrə, kənizlərə və uşaq ikən pul ilə alınan qullara tərbiyə vermək və ixtisas öyrətmək üçün müəssisədən maaş alan üç yüzə qədər müxtəlif ixtisas sahibi düzülüb səyahətçiləri salamlayırdı. Meydançanı gedib başa çıxandan sonra birinci hücrəyə daxil oldular. Burada bir dəstə ağ irqdən qız var idi, yaşları çox az idi. Ən çox yaşda olanları on yaşdan artıq olmazdı. Bu qızlar təqribən tamamilə çılpaq idi. Onların önlərinə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi. Onların səyahətçilərdən qorxması, dəhşət və həyəcan göstərməsi səhra xalqlarından olduqlarını göstərirdi. Qıvrım saçlarının bir-birinə qarışması saçlarının daraq görmədiklərini bildirirdi. Lakin bu qızların çöhrələrində təbii bir gözəllik oxunurdu. Üzlərinin ağ və qırmızılığı, tər və təzəliyi bu bədbəxt gənclərin tamamilə sağlam olduqlarını göstərirdi. Gözlərinin görünüşü isə müxtəlif idi; bəzisi qara müşk rəngində, bəzisi mavi, bəzisi də alagözlü idi. Saçlarının rəngi də gözlərinin rəngi ilə həmahəng idi. Qapı açılarkən, onlar səyahətçiləri gördülər. Vəhşi ahular ovçunu görən kimi hürküşməyə başladılar. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. Onlar qaçmaq üçün yer axtarırdılar. Nəhayət, səyahətçilərin gözlərinə görünməmək üçün biri digərinin arxasında gizlənməyə çalışırdı. Bəziləri isə üzlərinə baxılarkən, gözlərini qapayırdılar. Fəxrəddin bu mənzərəni görərkən təəccüb etdi. Müəssisə müdirinin üzünə dərin bir diqqətlə baxdı. Müdir dərhal o baxışın mənasını anladı və dedi: – Mənim ağam, bu vəhşiləri görürkən təəccüb etməyin. Sizin xəlifə saraylarında təsadüf etdiyiniz qəşəng kənizlər, oxuyan qızlar və xəlifənin diqqətini cəlb edən nadir və gözəl cariyələr, gözəl səslərilə Bağdad dünyasını silkələtdirənlərin hamısı əvvəlcə bu hücrədə gördüyünüz vəhşilər kimi idi. Onların hamısı əvvəlcə bu hücrəyə girməyə məcbur idilər. Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim ki, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. Siz bu mənzərəni nəzərə aldığınız zaman, kənizlərin və bütün Şərqdə şöhrət qazanan gözəllərin ibtidai həyatını öyrənə bilərsiniz. Bunların içərisindən elə qabiliyyətli və gözəl kənizlər çıxa biləcəkdir ki, Bağdad bazarında on min dirhəm qızıl qiymətinə satılacaqdır. Həmin bu cür vəhşilərin içərisindən vaxtilə mərhum Fənhas Fəridə kimi dünya gözəlini hazırlayıb Bağdad saraylarına buraxmışdı. Fəridənin özü də əvvəlcə bunlar kimi vəhşi idi. Sizin fikrinizcə, vaxtilə bütün Bağdadın ruhunu yığıb öz əlində saxlayan Dürrətülbağdad anasından o şəkildəmi, o qabiliyyətdəmi doğulmuşdu? Dürrətülbağdadın özü də əvvəlcə həmin vəhşilər kimi olmuş və bu hücrədə yaşamışdır. Fəxrəddin müəssisə müdirinə sual verdi: – Bunları nə vasitə ilə ələ gətirirsiniz? – Qul və kəniz alverçiləri Türküstanı, Rumu və sair vilayətləri dolanır, çox əziyyətlər çəkir, hətta bəzən ölümlə də üz-üzə durur, nəhayət, bunları ələ gətirirlər. – Bunları nə vasitə ilə ailələrindən alırlar? – Bəzilərini müharibə zamanı əsir götürüb satırlar, bəzilərini ata-analarından az bir para müqabilinə alırlar. Vergi hesabına alınanlar da vardır. Fəxrəddin nifrətedici bir halda sual verdi: – Məgər bunları ata-analarından ayırmağı günah bilmirsinizmi? Bunları uşaq ikən qürbət vilayətlərə sürməkdən utanmırlarmı? Müəssisə müdiri bu suala gülə-gülə cavab verdi: – Mənim ağam, nə üçün də utansınlar. Bir halda ki, bunlar üçün səadətli və rahat gələcək düzəltməyə çalışırlar, nə üçün də utanmaq!.. Çünki bu bədbəxtləri zillət və əziyyətin və vəhşiliyin əlindən alıb şəhərə gətirirlər, mədəni insanlar arasına girməyə hazırlayırlar. Onlar burada rahatlığa və asayişə çatırlar, adam olurlar. Bəzən onların nail olduğu rahət və səadətə Bağdadın şahzadələri və əyanları belə nail ola bilmirlər. Hərgah onların gözəllikləri ilə bərabər səsləri də olursa, səadətin ən uca dərəcəsinə çata bilirlər. Belələri ancaq əlli nəfərdən birisi ola bilər. Musiqi ixtiraçısı, şairlər və başqaları da bu vəhşi hesab etdiklərinizin cərgələrindən çıxır. Burada qızların ixtisas qabiliyyətləri yoxlanır, layiq olduqları ixtisaslara təhkim olunurlar. İndi bunların arasında hazırladığımız hər cür kənizləri görəcəksiniz. Müdirin bu sözlərindən sonra Fəxrəddin dərin düşüncələrə dalaraq öz-özünə: “Xudavənda, biz gör necə bir əsrdə yaşayırıq ki, bədbəxt insanlar səadət dünyasına əsirliyin içərisində əzilə-əzilə aparılır” – deyirdi. Müəssisə müdiri səyahətçiləri başqa bir hücrəyə getirib qapını açdı. Orada qara rəngli, qıvrım tüklü və dodaqları sevirik uşaqlar var idi. Bunlar zəncilərdən və afrikalılardan ibarət idi. Bunlar əvvəlinci hücrədəki uşaqlardan daha vəhşi idilər. Müdir səyahətçilərin buradan da tez çıxmaq istədiklərini dərhal hiss etdi və dedi: – Bunları qul alanlar çox müxtəsər bir qiymətə alırlar, yaxud da biyabanlardan özləri ovlayıb gətirirlər. Biz bunları alıb alçaq işlərə öyrədərik. Çöl işləri, həyətçilik, mehtərlik, tövləçilik və ağ kənizlərə xidmət eləmək kimi xidmətləri öyrədib sonra satarıq. Müdir səyahətçiləri üçüncü otağa getirdi. – Bu otaqdakılar bərbərilərdir. Bu qızları qul və kəniz alanlar Afrikadan alıb Bağdada gətirirlər. Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar. Başqa bir otaqda Kiçik Asiyadan gətirilən qızlar toplanmış idi. Bunları görmək Fəxrəddinin xoşuna gəlmədiyindən tez çıxıb başqa otağın qapısında dayandı. Müdir onları ümumi bir otağa gətirərək dedi: – Bunlar bəzəkçilik, lələlik, aşpazlıq, dərzilik öyrənmiş qızlardır. Bağdad xalqının bir çoxu buradakı qızlardan alıb özləri üçün qadınlığa qəbul edirlər. Olduqca tərbiyəli və namusları düzgün qızlardır. Başqa bir otağa girdilər. Müdir izahat verərək dedi: – Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. Bunlar ölüləri güldürməyə qadirdirlər. Bağdad kübarlarının hərəmxanalarında mütləq məzhəkəçi qızlardan olmalıdır. Bunların qiymətləri də böyükdür. Fəxrəddin onların üzündə məzhəkəçiliyə və nədimliyə dair baxışlar oxuyurdu. Asəf səyahətçilərin yorulduğunu hiss edərək: – Cavan və gözəl kənizlər olan otaqları göstərin, – dedi. Buna görə də müdir bir neçə otaq keçdikdən sonra bir otağın qapısını açdırıb: – Buyurun, – dedi. Səyahətçilər içəri girdilər. Bu otaqdakılar on beş yaşından iyirmi yaşına qədər olan yetişmiş qızlar idi. Lakin onlar əvvəlki otaqda olanlar kimi qorxmurdular. Özlərini şən və məsrur göstərməyə çalışırdılar. Onlar boyunlarında qiymətli boyunbağıları, qulaqlarında zümrüd sırğalar daşıyır və səyahətçilərin diqqət-nəzərini cəlb edirdilər. Fəxrəddin nə qədər göz gəzdirdisə də Dilşadı orada görmədi. Otaqdan çıxmağa tələsirdi. Qızların səyahətçilərdən utanıb qızarması da gözəlliklərinə başqa bir gözəllik əlavə edirdi. Fəxrəddinin nəzərini gözəl və şux bir qız cəlb etdi. Bu qızın fitnəli və əsrarəngiz gözləri var idi. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi. Fəxrəddin qızı farsca çağırdı, lakin qız cavab vermədi, utandığından qolunu üzünə hayil etdi, müdir isə izahat verib dedi: – Bu qızlar satılmaq üçün deyil, xəlifə üçün göndərilən qızlardır ki, burada tərbiyə veririk. Haman siz səslədiyiniz qız nə ərəb, nə də fars dillərini bilir, yavaş-yavaş öyrədirik, çünki qız azərbaycanlıdır. Fəxrəddin daha danışmadı, qəlbində məqsədinə yaxınlaşdığını kəsdirib durdu. Müdir ziyarətçilərə tərəf dönərək: – İndi sizə elə gözəllər göstərəcəyəm ki, əvvəl gördüklərinizi tamamilə unudacaqsınız, – deyə qapını açıb səyahətçiləri içəri buraxdı və: – Bu kənizlər Bəsrə, Kufə və Şamdan gətirilən kənizlərdir. Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar və mərğub gözləri vardır. Fəxrəddin, önündə cənnət qapısı açıldığını hiss etdi. Qızlardan bəziləri qısa qamətli, bəziləri arıq, bəziləri kök idi. Lakin hamısı öz yerində gözəl və sevimli idi. Qızlar Şam və Bağdadın ən nəfis ipəklərindən paltar geymişdilər. Sonra müdir səyahətçilərə tərifləyə-tərifləyə dedi: – Sizə elə gözəl və kök bir kəniz göstərəcəyəm ki, başından böyük bir kuzə su töksən bədəninin bir tərəfini islatmaz. Bu qız gözəllik tarixində məşhur olan Təlhənin qızı Aişəni həm köklükdə, həm də gözəllikdə keçmişdir. Müdir səyahətçiləri Bumi kənizlərin otağına getirdi. – Görünür ki, ağaları yordum, indi bir az dincinizi almaq üçün şeir oxuyan və musiqi çalan kənizlər olan otağa buyurun, – dedi və zəngin xalılarla döşənmiş böyük bir otağın qapısını açdırdı. Otaqda ətraflarda yumşaq balışlardan ibarət bağlamalar qoyulub, bağlamaların qarşısında məxmər örtülü yumşaq döşəklərin üstündə, tükləri müşkdən daha qara olan ən gözəl qızlar oturmuşdu. Qızlar alınlarına zərlə tikilmiş yaşıl və saçaqlı dəsmallar bağlamış, dəsmalların saçaqlarından qırmızı yaxut dənələri asılmışdı. Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirlərilə ətirləmişdilər. Bu qızların içərisində ən gözəli qaragözlü bir qız idi. O, üzünü çevirəndə buxağının altı günəş kimi işıqlanırdı. Qızın o tərəf bu tərəfində iki başqa qız da oturmuşdu. Bunların hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. Müdir aralıqda oturan qızı səslədi: – Qalx, xəlifənin qonaqlarına salam ver, – deyincə, qız qalxdı, lakin kök olduğu üçün çox çətinliklə ayağa qalxdı. Ayağa qalxdığı zaman yaşıl ipək donunun ətəkləri ayağına dolaşırdı. Müdir Fəxrəddinə müraciət edib dedi: – Qurban olum, bu qızı danışdırın, çox xoşləhcə qızdır. Fəxrəddin ona rəsm-təarif göstərincə, qız da ona səfa gəldin etdi. Fəxrəddin qızın haralı olduğunu soruşduqda, müdir: – Bəsrədə böyümüşdür, lakin əslən gürcüstanlıdır. Bunu uşaq ikən almışıq. Əvvəlcə haman hücrədə gördüyünüz uşaqlar kimi idi, lakin huşyar, qabiliyyətli qız olduğunu gördüyümüz üçün Bəsrəyə göndərdik. Orada Quran, ədəbiyyat və şeir öyrəndi, sonra onu mənim yanıma gətirdilər. Səsinin xoşluğundan və ləhcəsinin şirinliyindən heyrətləndik. Hazırda bunun musiqi elmindəki məharəti bütün Bağdad oxuyanlarının arasında məşhurdur. Fəxrəddin müdirə bir daha sual verdi: – Onun özünün dediyi şerlərindən hazırda vardırmı? – Vardır. Alnına çaldığı ipəyin üstünə zərlə tikdiyi öz şerləridir. Qızın alnına baxdıqda ipək çalmanın üstündə ərəbcə bu şerləri gördülər: Leysə hüsnülxəzab, zina ləkfi, Hüsni kəfa zina likülli xəzab Fəxrəddin bu şeirdən həddən artıq xoşlandı və müdirə dedi: – Afərin olsun bu çalmanı ixtira edən və bu şeri yazan qıza! Müdir dedi ki: – Çalma qızın öz ixtirası deyil. Bunu Rəşid xəlifənin bacısı Aliyə xanım ixtira etmişdir. Zinət dünyada ancaq qadınlara minnətdardır. Qızlar bu zaman divarın dibinə çəkilib öz gözəlliklərini aynada yoxlayırdılar. Müdir qızları tərif edib dedi: – Vaxtilə Əmirəlmöminin Rəşid xəlifə bu cür qızların birisini yüz min dinara alırdı. Müdir otaqlarının bir çoxunun haqqında qapını açmadan məlumat verib keçirdi. Fəxrəddin isə bunların heç birisinə əhəmiyyət vermirdi. O ancaq Dilşadı axtarırdı. Nəhayət, müdir yenə sözə başlayıb dedi: – Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görülməyən bir gözəl qədəm qoyacaqdır. O qız, Möhtəddinin tərbiyə üçün bura göndərdiyi Dilşad adlı bir qızdır. Fəxrəddin Dilşada rast gəlmək istəmədi, çünki o, Dilşadın özünü ələ ala bilməyəcəyini və ağlamaqla sirləri açacağını yəqin edirdi. Buna görə də Dilşadla görüşməkdən vaz keçdi. Müəssisə müdiri gözəl bir bağçalıqda səyahətçilər üçün yemək və şərbət hazırlamışdı, çünki naharın vaxtı keçirdi, Əmin qəsrinə qayıtmaq isə çox uzun çəkəcəkdi. Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən olduqca məmnun qaldılar, çünki onlar vaxtlarını gözəl kənizlər, oxuyanlar və çalanlar ilə keçirdilər. * * * Cülus günü Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı. Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu. Xəlifə, ətrafında hökmdarlar, balkona daxil oldu. Balkondakı beş min nəfərin başı birdən əyildi. Hökmdarlar xəlifəni taxtın qarşısına qədər müşayiət etdilər. Onun bir qolundan Atabəy Məhəmməd, o biri qolundan Səlahəddin Əyyubi yapışıb taxtın üstünə qaldırdılar. Xəlifə taxtın üstündə oturduğu zaman balkonu gözdən keçirdi. Xəlifə bayrağı altında olaraq Şərqi idarə edən iyirmi səkkiz hökmdarın əllərini döşlərinə qoyub hüzurunda durduqlarını gördü. Bir neçə dəqiqədən sonra xəlifə sağa və sola işarə verdi. Qonaqlar yerə oturdular. Sonra da xəlifə taxtın sağ və soluna işarə edərək – əyləşin, – deyən kimi, on dörd hökmdar taxtın sağında, on dörd hökmdar isə taxtın solunda qoyulmuş bəzəkli və qiymətli kürsülərin üzərində oturdu. Əvvəlcə əcnəbi məmləkətlərdən gələn hökmdar nümayəndələri xəlifənin cülus gününü təbrik etdilər. Xəlifə onların hər birisinə təktək cavab verib onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. Qısa bir xütbə oxunduqdan sonra, müsəlman olmayan nümayəndələr qalxıb özləri üçün hazırlanmış salona keçdilər. Çünki peyğəmbərin xəlifələrə buraxdığı müqəddəs miras məclisə gətiriləcəyindən müsəlman olmayanların məclisdə oturması yaramazdı. Bir az keçəndən sonra qabaqca Bağdad qazısı, onun dalınca da ruhanilər ziyafət məclisinə daxil oldular. Bütün qonaqlar, hökmdarlar, hətta xəlifənin özü də ayağa qalxdı. Cülus rəsmi başlandı. Bağdad qazısı əlindəki ağ ipək boğçanı taxtın qarşısında sərilmiş xalçanın üzərinə qoyub açdı. Qazı əvvəlcə peyğəmbərin əmmaməsini götürüb xəlifənin başına qoydu. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər. Qazı əlini boğçaya aparıb ən adi bir qılınc götürüb xəlifənin belinə bağladı və üzünü məclisə çevirib: – İnna fətəhna ləkə fəthən mübina, – dedi. Məclisdəkilər isə peyğəmbərə bir daha salavat göndərdilər. Qazı boğçadan peyğəmbərin əbasını da çıxarıb xəlifənin çiyninə saldı. Yenə də salavat səsləri ucaldı. Qazı boğçadan peyğəmbərin əbasını da çıxarıb xəlifənin çiyninə saldı. Yenə də salavat səsləri ucaldı. Qazı, Məhəmmədin əqiq üzüyünü götürüb xəlifənin barmağına taxdı və sonra kiçik bir qutunun içərisindən peyğəmbərin təsbehini götürüb öpdü və xəlifəyə verdi. Xəlifə əllərini göy tərəfinə qaldırıb dua oxudu və Allaha şükür etdi, sonra peyğəmbərə salavat göndərib xəlifəliyini qəbul edib müsəlman xalqını sülh və müsalimat içərisində yaşadacağına və islamın qanunları dairəsində iş görəcəyinə and içdi. Bu anda iyirmi səkkiz hökmdarın başı birdən xəlifənin önündə əyildi, onlar da xəlifənin göstərdiyi yol ilə rəftar edib, islam məmləkətlərini islam dini əmrləri əsasında idarə edəcəklərinə and içdilər. Xəlifə taxtından enib getmək istəyərkən, hökmdarlar da onu müşayiət edərək məclisdən getdilər. Qonaqlar oturdular. Hökmdarlar süfrədə iştirak etmək üçün balkona qayıtmadılar. Məclisdən birisi uca səslə “bismillah!” – deyən kimi yenə də beş min baş birdən süfrəyə əyildi. Yüzlərcə gözəl cariyə əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu, yemək-içmək sel-su kimi süfrənin üzərinə töküldü. Fəxrəddin ancaq bu mənzərəni görəndən sonra Azərbaycan xalqının nə səbəbə ac qaldığını təyin etdi. İyirmi səkkiz hökumətin ancaq bir nəfəri idarə etmək üçün qarət olunduğunu təyin elədi. Yedilər, içdilər, yenə də süfrə başından birisi “əlhəmdülillah!” – deyincə qonaqlar ağır nəfəs ala-ala başlarını süfrədən yuxarı qaldırdılar. Xonçalar götürüldü, yüzlərcə qız, əllərində qızıl aftaba-ləyənlər balkona daxil oldular. Təam duası oxundu. Əllər yuyuldu. Ondan da sonra təfrih salonuna keçdilər. Müsəlman olmayan qonaqlar da burada iştirak edirdilər. Salonun yuxarı hissəsində taxt və taxtın yanında səndəllər qoyulduğundan xəlifənin özünün də, hökmdarlarının da bu məclisdə iştirak edəcəyi bəlli idi. Xəlifə və hökmdarlar daxil oldular. Xəlifəni bu dəfə Xarəzm şahı ilə Hindistan elçisi taxta qaldırdı. Bir neçə saniyə keçəndən sonra salona indiyə qədər Fəxrəddinin görmədiyi iki gözəl qız daxil oldu. Qızların ikisi də bir-birinə oxşayırdı. Qızların qövsi qaşları və sehirli gözləri qaralırdı. Onlar əllərində dəvə quşunun qanadlarından ipəklə işlənmiş yelpik olaraq, xəlifənin taxtına tərəf irəliləyirdilər. Onlar taxtın dalısında qoyulan alçaq kürsülərin üstündə durub xəlifəyə yelpik çəkməyə başladılar. Qızlar hərdənbir əllərindəki ipək dəsmal ilə də xəlifənin üzünün tərini silirdilər. O çox tərləyirdi, şarab içdiyi çöhrəsindən bəlli idi. Salonda oturanların hamısı bu qızların gözəlliyinə heyran qalmışdı. Bu qızların hər ikisi xəlifənin məşuqələri idi. Bir azdan sonra məclisə bir dəstə gözəl qız daxil olub, elçilərin və hökmdarların başına yelpik çəkməyə və tərlərini silməyə başladılar. Fəxrəddin fikir dəryasına qərq olmuşdu. O, bu qədər şöhrətpərəst və kənizpərəst xəlifənin paytaxtından qızları nə cürə qurtara biləcəyi barəsində düşünürdü. Hər halda o, xəlifəyə bu təklifi etməkdən həm qorxur, həm də xəcalət çəkirdi. Xüsusən Atabəy Məhəmməd də burada olduğundan Fəxrəddin məsələni açmağa cəsarət etmirdi. Yüzlərcə zəfəran rəngində paltar geymiş oyunçu uşaq cürbəcür oyunlar çıxarıb xalqı güldürürdüsə də, bu oyunlar Fəxrəddini zərrə qədər məşğul etmirdi. Nəhayət, məzhəkə məclisi Fəxrəddinin fikirləri və kədərləri altında bitdi. Azərbaycan həyətinin üzvləri qalxıb getmək istədikdo, Atabəyin xüsusi pişxidməti gəlib Atabəyin nümayəndələri hüzura istədiyini xəbər verdi. Atabəy üçün xəlifənin qəsrində mənzil hazırlanmışdı. Atabəy heyət üzvlərini çox məhəbbətlə qəbul etdi. Xüsusən Fəxrəddinin əlini sıxıb dedi: – İndi ki, zəhmət çəkib Azərbaycandan Bağdada gəlmisiniz, burada bir yaxşı ad qoyub getməyiniz məsləhətdir. Sabah ad qazanmaq günüdür. Xəlifənin hüzurunda çövkan və top oyunu təşkil ediləcəkdir. Azərbaycanlılar da orada iştirak etməlidirlər. Heyət üzvlərinin hamısı gözünü döyürdü, lakin Fəxrəddin belə bir fürsəti çoxdan axtarırdı; o, ancaq bu vasitə ilə xəlifəyə yanaşa biləcəyinə ümid bəsləyirdi. Fəxrəddin Dürrətülbağdadın qonaqlığında xəlifə Müstərşidbillahın qızları Mütərra və Aliyə xanımlara çövkan oyununda iştirak edəcəyinə söz vermişdi. Buna görə də Atabəy Məhəmmədə təzim edərək: – Hərgah Atabəy həzrətləri icazə verərsə, mən iştirak edərəm, – dedi. Atabəy Məhəmməd Fəxrəddinin bu sözündən şadlandı və: – Elə isə mən sənin adını yazdıraram. Amma bilmirəm tanış olmayan bir atla oyuna çıxa biləcəksənmi? – dedikdə, Fəxrəddin: – Özümlə bərabər gözəl Qarabağ atları gətirmişik, mən öz atımla iştirak edərəm, – dedi. Atabəyə baş endirib otaqdan çıxmaq istəyəndə Atabəy ondan soruşdu: – At, Kür qırağında gördüyüm atdırmı? – Bəli, haman atdır. – Lakin onu da bilməlisən ki, təzə xəlifə at maraqlısıdır. Atın xoşuna gəlsə, onu səndən ala da bilər. * * * Top və çövkan Meydan Bağdadın xalqına kifayət edəcək qədər böyük idi. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi. Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. Hökmdarlar üçün, xəlifə üçün uca bir yerdə hazırlanmış taxtın ətrafında müəyyən kürsülər qoyulmuşdu. Meydanın ətrafına çəkilən ipi müdafiə etmək və meydana adam buraxmamaq üçün xəlifənin xüsusi alayları qılınc əllərində durmuşdular. Meydanın bir tərəfində oyunda iştirak edənlər atları yedəklərində durmuşdu. Fəxrəddin bunların içərisində idi. Hər kəs xəlifənin gəlməsini gözləyirdi. Xəlifə meydanın bir tərəfində qurulumuş yaşıl atlas çadırdan hökmdarlar ilə bərabər çıxıb, hazırlanmış taxta yanaşdı, hökmdarlar da öz yerlərində qərar tutdular. Nəhayət, xəlifənin işarəsi ilə böyük meydanın dörd tərəfində şeypur səsləri eşidildi. Bu səslər oyunun başlanması üçün xəlifə tərəfindən icazə verildiyini elan edincə, iki yüz nəfərdən ibarət qəhrəman atın belinə atıldı. Əvvəlcə xəlifənin xasə alayının sərkərdəsi Übeydət ibn Həmra ildırım kimi birdən-birə meydana şığıdı. O, əynində dar və qısa bir paltar geymişdi. Onun libası yaşıl olduğundan oyunun xəlifə tərəfindən açılmasına işarə idi. Übeydətin mindiyi ərəb atının dırnaqlarını görmək mümkün deyildi. Übeydət böyük meydanı bir anda dolandı, sonra meydanın ortasına şığıyaraq topu göyə atdı və çövkanla bir neçə dəfə vurub havada fırladınca İrandan gələn heyətin nümayəndələrindən Divbənd meydana at saldı və bir çövkanla topu Übeydətin əlindən qapıb çövkanın burnunda fırlatmağa başladı. Bu zaman topa sahiblənmək üçün iştirakçıların hamısı meydana at saldı. Havada görünən çövkanlar oyun meydanında birdən-birə meşələr göyərdiyini xatırladırdı. Bir anda bu meşə görünməz oldu, yüzlərcə at dırnaqlarından qalxan toz təbəqələrinin altında müsabiqə gedirdi. Topu bir-birinin əlindən qapmaq üçün yüzlərcə pəhləvan meydanda qiyamət qoparmışdı. Qara paltar geymiş bir ərəb atlısı topu mənimsəyərək bütün atlılara meydan oxumağa başladı. Topu onun əlindən alan olmadı. Hansı atlı, hansı bir tərəfə dönərsə dönsün yenə də artıq bir ata minmiş qara paltarlı ərəbi özündən irəlidə görürdü. Havada oynamaqda olan topu mənimsəmək istəyən yüzlərcə at ağzını açaraq sağa, sola, cənuba və şimala qaçırdısa da, ərəb topu çövkanın ucunda fırladır və bir kəsə buraxmırdı. Fəxrəddin kənardan durub baxırdı; yerindən hərəkət etməmişdi. Onun bir yerdə taxılıb durması Atabəy Məhəmmədi həddindən artıq əsəbiləşdirirdi. Onun fikrinə görə, Fəxrəddin bu qədər böyük və dəhşətli həngaməni birinci dəfə gördüyü üçün qorxmuşdu. Buna görə də oyunda iştirak etməyə cəsarət etmirdi. Nəhayət, çox vuruşmadan sonra bir nəfər İran atlısı topu ərəbin əlindən alıb göydə fırlatmağa və hər tərəfə meydan oxumağa başladı. Ərəb yorulmuşdu, çəkilib bir tərəfdə dayanıb baxırdı. Meydan on dəqiqəyə qədər iranlı qəhrəmanın əlində qaldı. Xüsusən onun atının cəsarət və tərbiyəsi oyunda iştirak edənlərin hamısını heyrətdə qoymuşdu. Atların vəziyyəti dəhşətli bir şəkil almışdı, onlar nə rəngdə olursa olsun, ağ kifə bürünmüşdülər. Bir neçə dəfə top və çövkan oyunlarında iştirak edən atların gözləri də göydəki topu güdür və top oynayan tərəfə sıçrayırdılar. Tez-tez at dəyişənlər var idi. Hər qəhrəmanın qulu meydanın arxasında ağası üçün ehtiyat atlar saxlamışdı, lakin iranlı qəhrəmanın atı yorulmaq bilmirdi. Sahibi çövkanla burnuna vurduğu zaman əjdaha kimi ağzını açıb məqsədə doğru şığıyırdı. Xəlifə iranlının mindiyi atın cəsarətini gördükdə qəlbində: “Bu at xəlifəyə layiqdir”, – deyirdi. Qələbənin möhürü iranlı pəhləvanın alnına basılmaq ərəfəsində ikən, bir nəfər arıq hindistanlı atını məhmizləyib irəli soxuldu, bir anda topu iranlı qəhrəmanın əlindən aldı və bir anda da topu çövkanın ucuna alaraq xəlifənin oturduğu kürsünün qabağına qədər gətirdi. Meydandan “əhsən, əhsən” səsləri eşidilməyə başlandı. Topun altında ancaq hindistanlının atını görmək olurdu. Top havada hansı tərəfə uçursa uçsun, yenə də onun çövkanının ucunu öpməyə məcbur idi. Atabəy Məhəmməd vəziyyəti belə görürkən qəlbində Fəxrəddinə acıqlanıb deyirdi: “Qorxaqlar, acizlər, ancaq öz evlərində üsyan etməyi öyrənmişlər. Belə bir gündə özlərini nişan verib ad qazanmağı bacarmadılar. Bu qədər təhqir və rüsvayçılıq olarmı? Xəlifənin cülus rəsmində Cahan pəhləvan Atabəy Məhəmmədin idarə etdiyi ölkədən bir nəfər də olsa özünü göstərə bilmədi”. Fəxrəddin də öz-özünə deyirdi: “Nə qədər ki, turanlılar oyunda iştirak etməmişdir, mən yerimdən hərəkət etməyəcəyəm. Mən xəlifənin qızı Aliyeyi Ülya xanıma göstərəcəyəm ki, dünyada Turan sözü yalandır. Türk xalqının namınə bir məmləkət varsa, o da – Azərbaycandır. Gərək xəlifənin qızı Mütərra xanım bilsin ki, turanlılar gəlib çövkan və top oyununu məndən öyrənməlidir”. Turanlılar da belə düşünürdülər. Onlar da deyirdilər ki, oyun turanlıların qələbəsi ilə qurtarmalıdır. Onlar da bunun üçün oyunun axınında işə başlamağı qərara almışlar. Hindistan qəhrəmanı xarəzmliləri, sistanları, Xorasan və Bəlxdən gələnləri tamamilə yorub aralıqdan çıxartdı. Turanlılar yerlərindən sel kimi hərəkət etdilər. Onlar bir anda meydanı hindistanlıların əlindən aldılar. Hər tərəfdən: – mərhəba turanlılar! Əhsən turanlılar! Afərin turanlılar! – səsi meydanı ağzına aldı. Atabəy Məhəmməd isə Fəxrəddinin iştirak edəcəyindən tamamilə ümidini kəsmişdi. Xüsusən azərbaycanlıların oyunda iştirak etməməsi xəlifənin qəlbində də şübhə oyandıra bilərdi. Atabəy Məhəmməd bunun üçün də rahatsız olur və oturduğu yerində ilan kimi qıvrılırdı. Bütün meydan sanki onun başına dolanırdı. Fəxrəddinin qardaşı qadını Dürrətülbağdad da xəlifənin qızları ilə bərabər öz qaynının qələbəsini gözləyirdi. O, Fəxrəddinin iştirak etmədiyini görüncə utandığından xəlifənin qızlarının üzünə baxa bilmirdi, çünki neçə gündən bəri: “Azərbaycanlıların cəsarət və qəhrəmanlığı bütün Şərqdə məşhurdur. Onların Atabəylərinə əbəs yerə “Cahan pəhləvan” ləqəbi verilməmişdir, – deyə xəlifənin qızlarına tərif etmişdi. Lakin Fəxrəddinin heykəl kimi quruyub durmasını görüncə, o xəcalətindən hönkür-hönkür ağlayırdı. Turanlılar meydanın tozunu göyə çıxarmışdı. Top qalın toz təbəqələrinin üzərində fırlanırdı. Bu qədər yüksək bir qələbəni görüncə yenə də “əhsən turanlılar!” səsi ucaldı. Atabəy Məhəmməd isə yavaşdan: – Hökmdar olsan da aciz, bacarıqsız bir xalqın yox, qəhrəman bir xalqın hökmdarı olmalısan! – deyə Fəxrəddinə lənət oxuyurdu. Xəlifə çox maraqlanırdı. Ümumiyyətlə xəlifələr bu oyuna çox həris idilər. Bu oyunda məharət göstərənlər xəlifələrin ən böyük mükafatına nail olurdu. Buna görə də xəlifə turanlıların bu qəhrəmanlığını gördüyü zaman onlara verəcəyi mükafatın miqdarı haqqında düşünürdü. Meydanın ətrafında durub turanlıların qəhrəmanlığına əhsən deyən minlərcə adamın diqqət-nəzərini birdən-birə meydana şığıyan tək bir atlı özünə cəlb etdi. Fəxrəddinin mindiyi əbləğ Qarabağ atı əvvəlcə ilan kimi bir yerə yığılaraq, sonra da ildırım şığıyan kimi əl-ayağını açıb meydanı əhatəsinə almışdı. Meydanda tamaşaya duran xalqı çox da böyük cüssəsi olmayan bir atın üstündə iyirmi beş yaşlarında, ucaboylu, gözəl bir gənci görüncə bütün diqqətlərini gözlərinə cəlb edərək ona baxırdı. Atabəy Məhəmməd əbləğ atı meydanda gördüyü zaman bütün kədərlərini unutdu və Fəxrəddin haqqında düşündüklərini başından ataraq bir anda qəlbi iki il əvvəl Kür qırağındakı gecə müharibəsinə qayıtdı, o zaman unudulmaz bir igidlik göstərən qəhrəman Fəxrəddini Bağdadın oyun meydanında gördü. Atabəy ancaq Fəxrəddinin əlindəki çövkana və havada oynayan topa baxırdı. Topu heç vəchlə Fəxrəddinin çövkanından qurtarmaq mümkün deyildi. Turanlılar bütün qüvvələrini meydana sürsə də, Qarabağ atının önünə keçməyi bacarmırdılar. Arabir Fəxrəddinin səsi eşidilirdi; o, Qarabağ atını səsləyərək: – Alaca, sağa dön! – Alaca, sola dön! – Alaca, geriyə çəkil! – Alaca, irəli yürü! – deyirdi. Əbləğ at meydanda topla bərabər fırlanırdı. Fəxrəddinlə turanlıların vuruşmaları bir saatdan artıq çəkdi. Atların hamısı hərəkətdən düşmüşdü. Əbləğ at rəqqasə kimi fırlanaraq xəlifənin nəzərini cəlb edirdi, o heç də öz hərəkət və qüvvətini itirməmişdi. Atabəy Məhəmməd yanındakı hökmdarlara tərəf dönüb tez-tez deyirdi: – Azərbaycanlıdır. Mənim ölkəmin qəhrəmanlarındandır. Bunların tarixi şöhrətləri vardır. Bunlar Midiya qəhrəmanlarının tarixi irsinə malikdirlər. Bu biri tərəfdən də Dürrətülbağdad öz qaynının bu qədər böyük qəhrəmanlığını görərkən sevinir və hönkür-hönkür ağlayırdı. Xəlifə Müstərşidbillahın qızları isə yanındakı kübar qadınlara tərəf dönüb tez-tez təkrar edirdilər: – Bizim ən yaxşı tanışımızdır. Bir süfrədə yemək yemişik. Topu Fəxrəddinin çövkanından qurtaran olmadı. Turanlılar yorulub aralıqdan çəkilmişdilər. Fəxrəddin isə topu havada əlində saxlamaqla mübariz gözləyirdi. Əbləğ atın burnunun fısıltısı dəmirçi küräsi kimi səslənirdi. Qəti yürüş başlanırdı. Çövkan-top oyununun qaydasına görə oyunun sonunda meydana ümumi hücum başlanmalı idi. Bu hücumda top hər kəsin əlində qalırsa, qələbə onun adına yazılmalı idi. Fəxrəddin hücuma başlandığını görüncə, topu havaya tullayaraq Alacanı məzmizlədi. Yüzlərcə at ağzını köhül kimi fınxıra-fınxıra Qarabağ atının üzərinə cummuşdu. Bu vuruşmada toz təbəqələrinin altında nələr olduğundan kimsənin xəbəri yox idi. Ancaq hərdənbir Atabəy Məhəmmədin və Dürrətülbağdadın səsləri eşidilirdi: – Alaca, sağa! – Alaca, sola! – Alaca, irəli! – Alaca, geriyə dön! Son qələbə qazanmaq üçün başlanmış vuruşma yarım saatdan artıq çəkdi. Atabəy Məhəmməd qəlbində soruşurdu: “Görəsən, toz təbəqələrinin altında vuruşan azərbaycanlı qəhrəmanı nə işdədir?”. Bu sözləri xəlifənin qızları və Fəxrəddinin qardaşı qadını da təkrar edirdi. Şeypur səsləri dörd tərəfdən eşidildi, oyun bitdi. Lakin toz təbəqələri öz qalınlığında davam edir, hər kəs oturduğu yerindən qalxıb topun kimin əlində qalmasının intizarını çəkirdi. Atlılar meydandan çəkildi, farağat başlandığı zaman Fəxrəddin, adət üzrə, öz əbləğ atını xəlifə oturan taxtın qarşısına sürüb, əlində topu xəlifənin taxtının ayağına atıb təzim etməyə tələsirdi. Atabəy Məhəmməd topu Fəxrəddinin əlində gördüyü zaman biixtiyar ağzından bu sözlər çıxdı: “Dünyada Turan yoxdur, ancaq bir Azərbaycan vardır” – dedi. Fəxrəddin iyirmi yeddi hökmdarın həsəd və həsətinə səbəb olan topu xəlifəyə təqdim etmək üçün atından piyada oldu. Top ilə çövkanı xəlifənin taxtının yanında yerə qoyaraq təzim etdi. Xəlifə isə: – Özünə də, atına da əhsən! – dedikdə, Fəxrəddin əbləğ atın cilovundan tutub irəli çəkdi və: – Atı Azərbaycandan xəlifə üçün hədiyyə gətirmişik. Atı imtahandan çıxarmaq üçün çövkan və top oyununda iştirak etdim, – dedi. Xəlifə şad bir surətdə: – Bu qələbə və bu ata mükafat olaraq Azərbaycan qəhrəmanı nə istəyir istəsin, – dedikdə, Fəxrəddin bir daha təzim edib dedi: – Azərbaycanlı nökəriniz Azərbaycandan Bağdada gətirilən qızların vətənlərinə qaytarılmasını rica edir. Xəlifə təəccüblə soruşdu: – O hansı qızlardır?! – Müstərşidbillah üçün göndərilən qırx nəfər qızdır. Xəlifə Asəfi çağırıb əmr verdi: – Bu günün özündə Azərbaycandan gətirilən qızların Azərbaycandan gələn heyətin ixtiyarına vermələsən. Fəxrəddin xəlifəyə bir daha baş endirib qayıtdığı zaman, Atabəy Məhəmməd irəli gəlib onun alnından öpdü: – Mən Fəxrəddinlə fəxr edirəm! – deyərək ona bir qədər baxdı, yenə də Fəxrəddinin çöhrəsində Gözəlin gözəl çöhrəsindəki nişanələri görüb fikri Canpolad kəndinə – Püsəran kəndinə qayıtdı. Fəxrəddin Dürrətülbağdad və xəlifənin qızları ilə bərabər yelkənə minib Hərbiyyə məhəlləsinə getmək üçün Dəclə çayının sahilinə tərəf getdikləri zaman, Fəxrəddinin qədəmlərinə hər bir tərəfdən gül dəstələri atırdılar. Bağdad xalqı küçələrə tökülüb Azərbaycan qəhrəmanını görməyə tələsirdi. Xalq Dəclə sahilinə qədər Fəxrəddini güllər və afərinlərlə müşayiət etdi. Onlar xəlifəyə məxsus gəmiyə oturub gözdən itincəyə qədər, qızlar və gənclər Fəxrəddini salamlayırdılar. Bu hadisədən üç saat keçməmişdi. Fəxrəddin illərdən bəri görmədiyi, həsrətində olduğu və uğrunda olmazın əziyyətlərə dözdüyü Dilşadla bərabər Dürrətülbağdadın balkonunda oturmuşdu. Onlar Bağdad axşamına məxsus sərinlikdə azad nəfəs alır və İraq ruzigarı da Dilşadın qara saçlarını Fəxrəddinin çiyinlərinə dağıdırdı. Günəş aralığı xəlvət etmək üçün üzünü Mədain xarabələrinə tərəf çevirib Kəsra qəsrinin dalısında gizlənməyə gedirdi. Dilşad qollarını açıb Fəxrəddinin boynuna saldığı zaman, onun dodaqları bir istilik hiss etdi. Fəxrəddin isə onun dodaqlarından bu sözləri eşitdi: – Dünyada azadlıqdan da böyük bir nemət vardırmı? * * * Qılınc və qələm Şimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi. Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı. Dilşad oturan taxt-rəvan Fəxrəddinin dostları və qohumları tərəfindən əhatə olunmuşdu. Gəncə şəhərinin xalqı böyükdən kiçiyə qədər Gəncə çayının kənarında idi. Nizami Məhşəti xanım, Rəna və Məhəmmədlə bərabər çayın kənarında qurulan çadırda oturub qafiləni gözləyirdi. Dəstə çayı bu tərəfə keçdi. Fəxrəddin Nizami və Məhşəti xanımı görən kimi atından piyada oldu, əvvəlcə Məhşəti xanımın əlindən öpdü, sonra Nizaminin Məhəmmədini öpdü, Rənanın əlini sıxdı və Nizami ilə dodaqdodağa qoyub öpüşərkən, Məhşəti xanım şad bir çöhrə ilə: – Qılıncla qələm öpüşdü! – dedi, – mən bir daha gəncləşdim, bu qalib bayram mənə təzə qüvvət və təzə həyat verdi. Mən yenə də yaşayacağam, yenə də şeir yazacağam. Xalqını qalib görən bir şairin şeir yazmaması mümkündürmü? Hər tərəfdən musiqi və “Yaşasın qalib!” səsləri eşidilirdi. Musiqi və “Yaşasın” səsləri birdən-birə dayandı. Hamının gözləri Nizamiyə tərəf çevrilmişdi. Xalq onun bu qələbə haqqında nə deyəcəyinin intizarını çəkirdi. Nizami uca bir daşın üstündə durmuşdu. O, üzünü minlərcə istiqbalçıya çevirib dedi: – Azərbaycan xalqı! Zülm və haqsızlığın yıxa bilmədiyi bir şey varsa, o da şəxsin qəhrəmanlığıdır. Zülm və haqsızlıq bir çoxlarının milli əzəmətini sarsıdırsa da, eyni zamanda qəhrəmanların da mübarizə silahını itiləşdirir, onların sinirlərini bərkidir və qəlbində düşmənə qarşı barışmaz bir fikir doğurur. Dünyada canlı və cansız hər şey ölümə məhkumdur. Lakin bir xalqın tarixi və milli əzəməti çürüməz və məhvedilməz bir cavahirdir. Cavahir heç bir zaman çürüməz, o, torpağın altında da, üstündə də olsa cavahirdir. İstilaçıların və müstəmləkəçilərin bizi alçaltmaq istəməsi və bizi Şərqin xəritəsindən silmək təşəbbüslərinə çox da təəccüb etməməliyik. Ancaq bunlardan daha alçaq, öz xalqının yüksəkliyini inkar edənlər və onun böyüklüyünə etina etməyənlərdir. Bu fikirdə adamların düşmənliyi xarici düşmənlərdən daha qorxuludur. Azərbaycan başladığı üsyanlarda qalib gəlirdi, bəzən məğlub da olurdu, lakin bunların heç birisi gələcək qabiliyyətdən ümidləri kəsməyə icazə vermir. Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıq sevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələri aməhv etməkdə məşhur olmuşdur. Azərbaycan xalqı öz mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim etməmiş, yenə də etməyəcəkdir. Bugünkü bayramda bizim gələcəyə olan inamımız bir daha bərkidi. Bu qələbənin ilhamı mənə təzə-təzə mövzular bağışladı. Mən xalqların qəhrəmanlıq tarixini şerimlə yaratmaq üçün bu gün paytaxtımıza qayıdan qalib qəhrəmanımızdan təzə qüvvələr, təzə mündəricələr aldım. Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz. Bu gün şəhvətpərəst xəlifələrin saraylarından, həqarət və haqsızlığın qucağından alınan qızların ailələrinə qayıtması bir qəhrəmanlığın və bir milli əzəmətin nəticəsindədir. Mən əminəm ki, bu gün qarşımızda duran gənc dəstələrin içərisindən gələcəkdə yüzlərcə Fəxrəddinlər meydana gələcəkdir. Məhşəti xanım Dilşad oturan taxt-rəvana oturdu. Nizami ilə Fəxrəddin də atlanıb qalib dəstələrinin qarşısında şəhərə daxil oldular. Dəstə əvvəlcə Gəncə xətibinin dağılmış evinin qarşısından keçib, Məlikşah meydanına daxil oldu, oradan bir baş Əmir İnancın sabiq sarayının qarşısında dayandı. Dilşad başını taxt-rəvanadan çıxarıb Əmirin sarayına baxdığı zaman, sarayın yerində yanmış sütunlar, bir-biri üzərinə qalanmış hisli daş və kərpiclərdən başqa bir şey görmədi. O ağladı və başını Məhşəti xanımın çiyninə qoyaraq: – Ancaq indi azadlığıma inandım, – dedikdə, Məhşəti xanım da Gəncə çayının kənarında dediyi sözü bir daha təkrar etdi: – Qılınc və qələm! * * * Köşk-baği-müəzzəm Qətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi. Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda: “Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşk-baği-müəzzəmdə qalmalısan. Oranın havası oğlun üçün də əlverişlidir” – deyə əmr vermişdi. Atabəy verdiyi əmr üzərinə Qətibə xatun məcburi olaraq Köşk-baği-müəzzəmdə düşüb qalmışdı. O düşünürdü ki, Atabəy Bağdaddan qayıtdığı zaman Köşk-baği-müəzzəmdə düşəcək və Qətibə ilə görüşəcəkdir. Lakin Atabəyin Bağdaddan qayıdıb birbaş Həmədana getməsi, məsələnin ciddi olduğunu göstərmiş və Qətibənin həyəcanına səbəb olmuşdu. Qətibənin paytaxtdan xəbəri yox idi, bu hadisənin nəticəsindən qorxurdu. O, Atabəy Məhəmmədin nə iş gördüyü və nə düşündüyünü öyrənməli idi. Buna görə də Səba xanımı Həmədana göndərməyi düşünürdü. O, bu işlərə Səba xanımın səbəb olduğunu bilmirdi, o yenə də Səba xanımın sənətkarlığına inanır və ondan istifadə etməyi düşünürdü. Qətibə Səba xanımı yanına çağırıb bir mələkə kimi deyil, məhəbbətli bir bacı kimi dedi: – Mənim munisim, sənin təxirsiz olaraq Həmədana getməyin lazımdır. – Nə üçün? – Atabəyin nə iş gördüyündən xəbərim yoxdur. – Atabəy mənim nə üçün Həmədana qayıtdığımı soruşmazmı? – Sən yalnız getməməlisən. Qütlüğü özünlə bərabər götürməlisən. “Uşaq atasını görmək istədi” – deyərək bəhanə gətirə bilərsən. – Bilmirəm bu vəzifəni bitirə bilərəmmi? – Əcəba, indiyə qədər sənin ifa etdiyin vəzifələr bundan asan vəzifələr idimi? Səba xanım sakit olub oturmuşdu. Heç bir söz danışmırdı. Lakin Qətibə onun nələr düşündüyünü çox gözəl bilirdi: o, mükafat almadan bu işə getmək istəmirdi. Buna görə də Qətibə əlini atıb kiçik cəbədən bir şəddə iri dənəli inci çıxarıb Səba xanımın boynuna salaraq: – Bunu Bağdadda sənin adına almışam, – dedi. Səba xanım çox narazı surətdə: – Allah mələkənin kölgəsini mənim başımın üstündən əskik eləməsin, – dedi. Qətibə onun narazı baxışlarını gördüyü zaman: – Sənə yüz dənə də qızıl verəcəyəm, ancaq Həmədandan yaxşı xəbərlə qayıtsan, bunun miqdarını beş yüz qızılla qaldıracağam, – dedi və yüz qızılı Səba xanımın ovcuna saydı. Səba xanım adəti üzrə vəzifəsindən çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: – Əlacım nədir... Məgər mən mələkəyə mükafat üçünmü xidmət eləməliyəm? Allah eləməsin mən o həyda qız olum... Əcəba, indiyə qədər mələkə mənim sədaqətimə inanmamışdırmı? Qətibə fikir dəryasına qərq olmuşdu, acığından dişi-dişini kəsirdi, qəlbində Səba xanıma acıqlanaraq: “Fahişənin birisi, sən daima mənim düşdüyüm çətinliklərdən istifadə edib məni qarət edirsən, başım ayılan kimi sənin dərini dabanından soydurmasam, Əmir İnancın qızı Qətibə deyiləm. Sən elə bilmə ki, tədbirli, bacarıqlısan. Yüz sənin kimi tədbirlilərə dərs verərəm. Səni mənə üstün gətirən bir şey varsa, o da sənin fahişəliyindir. Nə edim, mən bunu bacarmıram” deyirdi. Səba xanım da başını aşağı salaraq, qəlbində Qətibəyə gülür və deyirdi: “Səni elə tələyə salmamışam ki, bir də mənim əlimdən qurtara biləsən. Sənin evin onda yıxıldı ki, üç min dirhəm pul verib məni Əbül-Ülanın qadınından aldın. Öz əlinlə öz bəlanı qazandın. Səndən axmaq, səndən də ağılsız kimdir?! Öz sirlərinin hamısını mənə tapşırandan sonra daha nəyin qaldı? Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. Nağılçılar yalan demir ki... Padşah qızlarının naxırçıları və keçəlləri sevməsinə kim inanmaz! Bu baş, bu gözlə özünü ağıllı da hesab edir! Sənin üst-başındakı bu daş-qaşın hamısını əlindən çıxarmasam, Səba xanım deyiləm! Atanı qarət etmişəm, özünü talayıram, ərin Atabəyi də əlindən alıb soymağa başlamışam”. – Olsun! Səba xanım da onun fikrini dərhal ovlayaraq cavab verdi: – Olsun görək! ...Səhər tezdən taxt-rəvan Köşk-baği-müəzzəmin qapısında durmuşdu. Səba xanımla Qütlüğü paytaxta aparmaq üçün bir dəstə atlı qapıda durub Qətibənin əmrini gözləyirdi. Nəhayət, Qətibə xanım oğlu ilə bərabər bağın qapısından çıxdı, oğlunun üzündən öpərək taxt-rəvana qaldırdı. Səba xanım da taxt-rəvana oturub, Həmədana yola düşdü. Səba xanımın taxt-rəvanı axşam günbatan zamanı Atabəy sarayının qarşısında dayandığı zaman, Səba xanım sarayın qapısında böyük bir qələbəlik gördü və bir hadisə baş verdiyini təyin etdi. Bir az sonra saraydan Atabəyin qulamları iki nəfər adam çıxardılar. Səba xanım yaxşı diqqət verdikdə onların Zəhir Bəlxi ilə Kəmaləddin olduğunu gördü. Səba bundan sevindi. O, Bağdaddan Atabəyə göndərilən gizlin məktubların yerinə düşdüyünü və Atabəyin məktublara inandığını təyin etdi. Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. O, məktubda yaza bilmədiyi sözləri dili ilə demək üçün imkan yaradıldığına sevindi. Zəhir Bəlxi ilə Kəmaləddinin həbsə göndərilməsi Hüsaməddinin də böyük təhlükə qarşısında durduğunu göstərirdi, lakin Səba xanım hər halda Hüsaməddini Atabəyin bıçağı altına vermək istəmirdi; çünki o, özünün Fəxrəddin tərəfindən aldadıldığını və Fəxrəddinin Bağdaddan Dilşadla bərabər Azərbaycana getdiyini eşitmişdi. O, Bağdadda Fəxrəddinlə görüşdüyü zaman, Fəxrəddin artıq Dilşadı unutduğunu, Səba xanımı sevdiyini və ona evlənəcəyini Səba xanıma bildirmişdi. Buna görə də Hüsaməddinin həyat səhnəsindən götürüləcəyinə heç də təəssüf etmirdi. Lakin Fəxrəddinin ona hiylə gəldiyini və onun sirlərini aldığını görəndən sonra, Səba xanımın qəlbi yenə də Hüsaməddinin məhəbbəti üzərinə qayıtmışdı. O, Atabəylə birinci görüşündə Hüsaməddini müdafiə etmək üçün zəminə hazırlamağı qərara almışdı. Axşam şamlar yandığı zaman Atabəyin xas qulamı gəlib Səba xanımı Atabəyin hüzuruna çağırdı. Səba xanım saraya girən kimi, otağının qapısını açıb iki saatdan bəri bəzənir və Atabəyin nəzərini cəlb etmək üçün nə qədər zinəti varsa üstünə tökürdü. Üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. Bağdaddan gətirdiyi ən qiymətli ətirlərlə vücudunu çimdirmişdi. O geyinib güzgüyə baxıldığı zaman, baxışlarının növünü yoxlayır və hansı baxışda daha dilrüba görünəcəyini gözdən keçirirdi. Nəhayət, o bir daha öz əndamına baxdıqdan sonra dedi: “Çox gözəllər vardır ki, üzünə baxdığı zaman sənin nəzərini cəlb etmək əvəzinə özündən rədd edir və kişinin qadına olan sevgi alovlarını söndürür. Lakin mən elə deyiləm, mən həm gözələm, həm də sehrkar bir qızam. Mənim qarşımdan şikar qaça bilməz. Mən həm gözəl və incə bir qızam, həm də kişilərin xəstəliyini təyin edə bilən məharətli bir təbibəm. Mən hansı kişinin hansı qadını sevə biləcəyini və kişinin qadından nə istədiyini bilirəm. Mən bilirəm ki, bir qadın yalnız öz gözəlliyi ilə kişinin qəlbinə hakim ola bilməz. Qadınların xasiyyəti müxtəlif və biri digərinə bənzəməz olduğu kimi, kişilərin sevgiləri də müxtəlifdir. Əcəba, gözəl və bəzən qəhrəman kişilərin çirkin qadınlara evlənməsi haman müxtəlif sevgi xüsusiyyətlərinin nəticəsi deyilmidir? Mən həm gözəl qadınam, həm də tacir bacarıqlı, tacir bilikli, tədbirli, ağıllı bir alış-verişçiyəm. Mən sadə tacir deyiləm, mən müştərinin nə kimi mataha maraqlı olduğunu gözlərindən oxuyan bir ruhiyyatçıyam. Mən bilirəm ki, hər kişi üçün hər şey lazım deyil. Hərgah şairlər qadınla təbii gözəlliyi sevirsə, bəzəyə və zinətə möhtac olmayan təbii gözəllik ancaq məndədir. Qadınlarla üz-üzə gəldiyi zaman öz biliyini göstərmək istəyən axmaq kişilər, fəlsəfədən söhbət açmaq istərsə, mən də özümü bir filosof kimi nümayiş etdirə bilərəm. Qarşıma, qıza nazlanmaq istəyən naşı gənclər çıxarsa, mən də şıltaqçı qızlar kimi onların ruhunu əsir götürməyi bacararam. Qadının zinət və libasına aldanan kişilər üçün heç bir qadına mümkün olmayan zəngin libaslarım, daşım və qaşım vardır. Atabəy isə ən gözəl, həm də zəngin qadını sevir. Onunla nə cür danışmaq lazım olduğunu onun mələkəsi bacarmırsa, mən bacara bilərəm. Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsa öz mələkələri ilə yaşaya bilməzdilər. Həqiqi qadın mənəm, mələkə isə bir oyuncaqdır”. Səba xanım öz-özünə bu sözləri danışandan sonra Atabəyin oğlunun otağına gəlib onu Atabəyin yanına götürdü. Atabəy Səba xanımı və oğlunu gördüyü zaman bir qədər düşündü, çünki oğlunun vəziyyəti onu rahatsız edirdi. O, uşağı gördüyü zaman yenə də Qətibənin inadlı, gizli və acıqlı çöhrəsi gəlib onun gözünün qarşısında durdu. Uşağın üzünə nə qədər baxdısa, onda özündən heç bir nişan görmədi və öz-özünə: “O bu uşağı da bədbəxt etdi, uşağı sevmək istərkən, o yenə də gəlib gözümün qarşısında durur” – dedi və qollarını təərddüdlə uzadıb uşağın boynuna salmaq istərkən, uşaq onun etinasızlığını anlayaraq geri çəkildi. Atabəy uşağın bu qədər kəskin acığını görüncə yenə də öz-özünə: “Bu mənim çırağımı yandırmayacaqdır. Məmləkət bunun əlindən fələkətlərə düşəcəkdir” – deyərək, Səba xanıma müraciət etdi: – Apar oğlum rahat olsun, görünür ki, çox yorğundur, özünsə qayıdıb hüzuruma gəl, – dedi. Səba xanım qayıdıb Atabəyin otağına girdiyi zaman Atabəy hər şeydən əvvəl onu sual verdi: – Sən mənim başıma and içərək bir həqiqəti mənə söyləyə bilərsənmi? – And içmədən də söyləyə bilərəm. Təbiət mənim dilimdə yalan danışmaq qabiliyyəti yaratmamışdır. Bunun üçün mən bədbəxtəm, çünki hazırda bir çoxları yalan deməklə başını dolandırır. – Sən doğru danışdığın üçün, cariyələrin içərisindən ancaq səni intixab etdim. Sən həm gözəl, həm də həqiqəti sevən və Atabəyin namusuna qiymət qoya bilən bir cariyəsən. Buna görə də mənim şərəf və məhəbbətim ancaq sənə məxsus olacaqdır. İndi əsil məsələyə keçək. Mən bir neçə məsələni aydınlaşdırmaq üçün səni Həmədana çağıracaqdım, lakin nə vasitə və nə bəhanə ilə çağırmaq haqqında düşünürdüm. – Mənim özüm də əlahəzrəti ziyarət etməyi düşünürdüm. Nəhayət, oğlunuzu görüşə gətirmək bəhanəsi ilə mələkəni razı saldım. Nədənsə mələkə məni heç buraxmaq istəmirdi. Səba xanım bunu deyərkən gözləri yaşla doldu, o ağlaya-ağlaya: – Bilmirəm, əlahəzrətin məni Köşk-baği-müəzzəmdə həbsə almasının səbəbi nədir?! – dedikdə, Atabəy onun saçlarını sığallayaraq: – Bunların hamısı müvəqqəti hallardır. Sən tezliklə mənim sarayımın qiymətli bir qəndili kimi şöhrət qazanacaqsan, – dedi və sonra da əlavə etdi: – Sənin mənə Bağdaddan göndərdiyin məktubu doğrudan da Qətibə Toğrulamı yazmışdı? – Bəli, Toğrula yazmışdı. – Yaxşı fikirləş, bəlkə Hüsaməddinə yazmışdı? – Mələkənin öz qəlbini Hüsaməddinə məktub vasitəsilə bildirməsinə heç bir ehtiyac yox idi. Çünki Hüsaməddin də, mələkə də Xüld qəsrində idi, mələkə onu hər saat görə bilər və hər saat da danışa bilərdi. Lakin mən Atabəy həzrətlərinə demək istəyirəm ki, o öz mələkəsini bu qədər alçaltmasın. Doğrudur, Hüsaməddin mələkəni qızlığında sevirdi, lakin mələkənin nə qızlığında, nə də mələkəliyində Hüsaməddini sevməsinə inana bilmirəm. Bir də ki, Hüsaməddin kimdir və onun nə kimi bir gələcəyi vardır? Toğrul isə bir hökmdar oğludur. Bəlkə də mələkə öz oğlunun gələcəyini təmin etmək üçün Toğrulu aldadır. Mən buna inanıram. Doğrudur, sizə göndərdiyim məktubu mələkənin öz əlilə yazdığını görmüşəm, lakin mələkənin Toğrul ilə bir yerdə olduğunu və əlahəzrətin namusunu ləkədar etdiyini görməmişəm. Çünki mələkə necə ki, Həmədanda, elə də Bağdadda olduğu zaman, mənim gözümdən kənara getməmişdir. O daima mənim yanımda olmuşdur. – Sən mələkədən məktubu alıb Toğrula göstərmədinmi? – Göstərib geriyə aldım, xanımın bu cür əmr verdiyini söylədim. – Sən mələkənin məktubunu Toğrula göstərdiyin zaman onda nə kimi vəziyyət gördün? – Rəngi ağardı və fikrə getdi. – Cavab yazıb vermədimi? – O barədə heç bir söz danışmadı. – Onların yığıncaqlarında nə eşidib, nə gördün? Toğrul nə danışırdı? – Toğrul heç bir söz danışmırdı, onun əvəzindən ancaq Zəhir Bəlxi və Kəmaləddin danışırdı. – Nizamini öldürmək məsələsini kim əvvəlcə aralığa atdı? – Bunu aralığa atan yenə də Zəhir Bəlxi idi. Məktubu da onlar yazdılar, Toğrul isə ancaq imza etdi. Sizin Azərbaycandakı oğlanlarınızı öldürmək üçün göndərilən adam barəsində də təhqiqat apardım. Onları da göndərənlər Zəhir Bəlxi və Kəmaləddindir. Hüsaməddinin bu cinayətdən xəbəri yoxdur. Lakin onun Toğrula hörmət bəslədiyini bilirəm. – Mələkənin bu cinayətin təşkilindən xəbəri yoxdurmu? – Mən desəm ki, “xəbəri yoxdur”, mənə kim inana bilər? Mələkə bir qadındır, özü də bir Əmirin qızıdır. Bir kəndli qızından doğulan oğlanların taxt-taca şərik olmasına soyuqqanlı bir surətdə baxa bilərmi? Bir halətdə ki, əlahəzrət ona evləndiyi zaman başqa bir qadına evlənməməsi üçün söz vermişdi. Bu barədə əlahəzrət icazə verəydi, mən mələkənin haqlı olduğuna hökm verərdim. – Bunların hamısı keçəndən sonra, iki gün burada qalıb yenə də Köşk-baği-müəzzəmə qayıdarsan, mələkənin kimlər ilə əlaqə saxladığını tez-tez xəbər verərsən. Səba xanım bu sözləri dinlədikdən sonra utana-utana dedi: – Əlahəzrət yenə də cariyəsini şərəfindən məhrum etməkmi istəyir? – Mən bir dəfə dedim, yenə də deyirəm, mənim şərəfimə ancaq sən layiqsən. Səhər Səba xanım Atabəyin otağından çıxdığı zaman mükafat aldığı və barmağına taxdığı qiymətli üzüyə çox diqqətlə baxır və sevinirdi. * * * Atabəy Səba xanıma “Həmədanda iki gün qalmalısan” deməsinə baxmayaraq, onu on gün tamam yanından kənara buraxmayaraq, gecə-gündüz bir yerdə vaxt keçirdi. Nəhayət, Səba xanım əlinə qazanclı vəsiqələr saldığı üçün, mələkənin yanına getməyə və haman vəsiqələr ilə bərabər eşitdiyi xəbərləri mələkəyə satmağa tələsirdi. * * * Həmədan şəhəri bəzənmişdi. Gözəl öz oğlanları ilə barabər təntənə ilə paytaxta daxil olmuşdu. Bu xəbəri Qətibəyə yetirmək üçün Səba xanım səhər tezdən Qütlüğü götürüb Köşk-bağı-müəzzəmə yola düşdü. Qətibə onun Həmədanda bu qədər təxir etməsindən şübhələnirdi, çünki Səbanın namusuna inanmırdı. Qətibənin fikrincə, Səba xanım Atabəylə olan birinci görüşündə özünü də, qəlbində olan sirlərini də sata bilərdi. Səba xanımın taxt-rəvanı bağın qapısında dayandığı zaman Qətibə oğluna əhəmiyyət verməyərək: – Səba xanım, özümü çox fəna hiss edirəm, Qütlüğü lələsinə tapşır, mənim otağıma gəl, – dedi və otağına getdi. Səba xanım Qətibənin təşviş və həyəcanını görən zaman qəlbində: “Anamın qəbrinə and olsun, bu dəfə əlimdəkiləri sənə ucuz satmayacağam. Sən mənim əsirimsən, indi mən istədiyim zaman səni məhv edə bilərəm” – deyirdi. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. Səba xanımın yubandığını görüb ikinci dəfə dalınca adam göndərdi. Səba xanım Qətibənin yanına gəldiyi vaxt başını əlləri arasına alıb oturdu. Onun bu vəziyyəti Qətibənin qəlbindəki qorxuları daha da artırdı. Qətibə səbirsiz bir surətdə onu sual verdi: – Nə üçün danışmırsan? Mənim qəlbimin partlamasınımı istəyirsən? Mən səni nə üçün paytaxta göndərmişdim? Qətibənin bu sualından sonra Səba xanım başını qaldırıb danışdı: – Rica edirəm, mənə rəhm edin, məni aldığınız qiymətin üç bərabərini alıb azad edin. Qoyun mən gedib küçələrdə dilənçilik edim, mən də yazıq bir qızam, mən də yaşamaq istəyirəm. Qətibənin iztirab və həyəcanı daha da artdı, Səbada qorxulu bir xəbər olduğunu hiss edərək titrədi və soruşdu: – Mənim ruhum, mənim sirr yoldaşım, sənə nə fəlakət üz vermişdir? – Nə olacaqdır? Mən başdan ayağa fəlakət içində deyiləmmi? – De görüm, axır nə fəlakət üz vermiş? – Nə edim? İki qılıncın arasındayam. Bir tərəfdən mələkəyə ürəyim yanır, o biri tərəfdən də Atabəyin qəzəbindən qorxuram. O bu gün məni çuvala salıb hovuza atdırmaq istəsə, kim gəlib məni onun əlindən alacaqdır? Yalvarıram, məni azad edin! Qətibə yalvarıcı bir vəziyyətlə dedi: – Əcəba, səndəmi məni qürbət vilayətdə tək buraxıb getmək istəyirsən? – Çarəm nədir? Atabəy soruşur ki, onlar Bağdadda nə işlə məşğul idilər. Hərgah doğrusunu desəm, mələkəni məhv etmiş olaram, yalan desəm, bir məmləkətin hökmdarını aldatmış oluram. Yalanın nəticəsini də ki, mələkənin özü yaxşı bilir. İndi özünüz deyin görüm çarəm nədir? Onun üçün də deyirəm məni azad edin, çıxıb cəhənnəm olub bir tərəfə gedim. Atabəyin gözü nə məni görsün, nə də bəzi xəbərləri soruşsun. Qətibənin qırmızı yanaqları qorxusundan pambıq kimi ağardı. Məğrur Qətibə Səba xanımın önündə ən aciz bir pişik şəklinə düşərək yaltaqlanmağa başladı: – Sən bilirsən ki, sən olmasan bu bədbəxt Qətibə məhv olar. Nə üçün başladığın işi axıra qədər aparmaq istəmirsən? Sən elə bilirsən ki, bu yaxşılıqlar mənim yadımdan çıxacaqdır? – Mən istəyirəm ki, bundan sonra mələkə mənimlə bir tanış və bir dost kimi rəftar etsin, o zaman mən də öz köməyimi əsirgəmərəm. Hazırda siz mələkəsiniz, mən sizin cariyənizəm. Buyurun, nə xidmətiniz varsa, yerinə yetirim. Lakin ölüm ayağına öz ayağımla gedə bilmərəm. – Sən elə bilirsən ki, səni azad etmək istəmədiyim dünya malı üçündür? Sənin üçün verdiyim üç min dirhəmin üstünə üç min dirhəm də qoyub səni azad edərəm. Lakin sənsiz yaşamağım mümkün deyil. Sən məni buraxıb getməməyə söz versən, bu saat səni azad edərəm. – Sənin başına and içirəm. Öldürsələr də, meyitim möhtərəm mələkədən ayrılmayacaqdır. Qətibə bu sözdən sonra qələmdanı açıb qələmi çıxardı və tumardan bir parça kağız kəsib: “Mən, Qətibə Əmir İnancın qızı öz cariyəm Səba xanımı mənə olan səmimi xidmətlərinə mükafat olaraq azad edirəm” – yazdı, Səba xanıma verib üzündən öpdü və əlavə olaraq soruşdu: – İndi də görüm, Atabəyin fikri nədir? – Atabəyin fikri qorxulu fikirdir. Mən inanıram ki, Toğrulun yanında Atabəyin adamı vardır. – Nədən bildin? – Mələkənin Bağdadda Toğrula yazdığı və mənim vasitəmlə göndərdiyi məktub Atabəyin əlindədir. Qətibə bu sözü eşidərkən əlini dizlərinə çalıb: – Məhv oldum, – dedi, – sən o məktubu gördünmü? – Əlbəttə ki, gördüm! Atabəy məktubu göstərən kimi məni söydü və “xain cariyə, Bağdada mənim qadınımdan Toğrula məktub aparmaq üçünmü getmişdin?” – dedi. – Sən nə cavab verdin? – Özünüz düşünün, nə cavab verə bilərdim? – Mənə rəhmin gəlsin, Səba! Atabəyi başdan çıxarmaq, onun şübhələrini dağıtmaq üçün fikirləşməlisən. Nə istəyirsən istə, məni bu rüsvayçılıqdan qurtar! – Mən nə edə bilərəm? Mələkənin öz xətti ilə yazdığı məktub Atabəyin əlindədir. – Sən bacararsan, öhdənə götürdüyün işi yerbəyer etməyə qabilsən. Hər nə istəyirsən istə! – Ölüm üçün bir bina tikdirmək istəyirəm, yetim qızam, mənim də bir çıraq yandıran evim olsun. – Sənə min qızıl verərəm. Razı qalarsanmı? – Çox gözəl, bunu siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir? Siz elə bilirsiniz ki, Atabəy onun gözlərinə mil çəkdirməyəcəkdir? Qətibə bir daha dizlərinə vuraraq: – Xudavənda, nə böyük fəlakət! – dedi və əlavə etdi: – Hərgah bu işi öz yoluna qoysan, mən Toğrulun tərəfindən də min qızıl sənə verməyə söz verirəm. Səba xanım daha danışmadı, sakit durdu. Qətibə onun razı qaldığını hiss edərək, ayağa qalxdı və sandığı açıb min qızıl Səba xanımın ovcuna saydı və dedi: – Toğrul sənə min qızıl verməzsə, onu mən özüm verərəm. Sən mənə inanırsanmı? – İnanıram. – İndi ki, inanırsan, de görüm, məktub məsələsini nə cür düzəldəcəksən? Səba xanım qızılları götürüb öz otağına apardı və gəlib oturandan sonra dedi: – Şübhəsiz ki, mələkə həmişəlik Köşk-bağı-müəzzəmdə qalmayacaqdır. Sizin burada qalmağınızın müəyyən səbəbi vardı. Qətibə tələsik soruşdu: – Nə kimi səbəbi ola bilərdi? Mənim burada qalmağıma həbs edilməkdən başqa bir məna vermək mümkündürmü? – Siz həbsdə deyilsiniz. Burada qaldığınızın səbəbini eşidin! Gözəl öz oğlanları ilə barabər paytaxta gələcəkdir. Atabəy sizin Gözəl ilə qarşı-qarşıya gələcəyinizi istəməmişdir, vəssalam, şüd tamam, sizin burada saxlanmağınızın səbəbi budur. – Sən Gözəli gördünmü? – Necə ki, görmədim... – Onun Gözəl adlandığı gözəlliyindədirmi? – Dünyada adına layiq insana təsadüf edilibdirmi? – Oğlanlarını da gördünmü? – Gördüm, yaşlarına baxmayaraq, çox böyük görünürdülər. – Mindikləri taxt-rəvanlar təntənəlimi idi? – Taxt-rəvan yox idi. Gözəl də, oğlanları da at üstündə idilər. – Atabəy sarayındamı düşdü? – Xeyr, o, Atabəydən çoxdan ayrılmışdır. Buna görə də başqa yerdə mənzil etdi. – Atabəy onu istiqbal etdimi? – Etdi. – O, oğlanlarını öpdümü? – Öpdü, lakin uşaqlar onu tanımırdılar. – Görünür ki, o qadın ağıllı qadındır. Atabəy mənim barəmdə nə danışırdı? – Əlində elə bir məktub olan kişi qadını haqqında nə danışa bilər? – Bilmirəm, sən mənə kömək edə biləcəksənmi? – Edə biləcəyəm. Şübhəsiz ki, əlahəzrət sizi Həmədana çağıracaqdır. O, məktubu sizə göstərib bu məktubu yazıb-yazmadığınızı soruşacaqdır. O zaman deyərsiniz ki, bəli, mən yazmışam, lakin Toğrula yazmamışam. Məktubu Fəxrəddinə yazıb saraya gətirmək və məhv etmək istəyirdim. Bunu bacara bilərsinizmi? – Bacararam. Lakin Atabəy məktubun Toğrulun əlinə nə vasitə ilə düşdüyünü soruşarsa, nə deyərəm? – O zaman deyərsiniz ki, Səba xanım Toğrula veriləcək məktubu Fəxrəddinə, Fəxrəddinə veriləcək məktubu isə yanlış olaraq Toğrula vermişdir. Bundan sonrasını mənə tapşırın. Lakin bunu deməliyəm ki, Hüsaməddin də məni mükafatlandırmalıdır. Çünki onun barəsində olan şübhələri də dağıtmışam. Bu vəzifəni də mələkənin xatiri üçün ifa etmişəm. Atabəy həddindən artıq qısqanırdı. Qətibə bu sözdən sonra qalxıb onun ağzından öpdü və soruşdu: – Zəhir Bəlxi və Kəmaləddini görüb mənim sifarişlərimi yetirə bildinmi? – Görə bildim, lakin sifarişinizi yetirə bilmədim, çünki mən Atabəy sarayının qabağına yetişdiyim zaman onları Atabəyin yanından çıxarıb həbsxanaya aparırdılar. – Həbsxanaya? – Bəli, onları həbs etdilər. Qətibə bir az fikrə getdikdən sonra yenə də: – Darmadağın dağıldıq! – dedi və fikrə getdi. Gecə keçmişdi, Səba xanım: – Gecəniz xeyrə qalsın! – deyib yatmağa getdi. Qətibə isə öz yatağına çəkilərək, Həmədanda Gözəlin oğlanlarının şərəfinə verilən ziyafəti cürbəcür şəkillərdə xəyalına gətirir, onun içərisini gizli bir qısqanclığın acıları doğrayırdı. Onun yuxusu bir tikan olub göz bəbəklərini deşirdi. Yumşaq qu tükündən düzəldilmiş atlas döşək bir çaxmaq daşına dönərək onun bədənini cırmaqlayırdı. Başı üstündə yanan şamların hər birisi bir ilan şəkli alıb onun yorğan-döşəyinə atılmaq istəyirdi. Yata bilmədi, yatağından qalxıb xələti üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu. Lakin bu da onu təskin etmirdi. Ətrafındakı topa qızıl güllərə baxdığı zaman bir gəncin məzarı üzərinə qoyulan əklilin qəmli təsirini alırdı: əlvan çiçəkli xiyabanlar məhv olan bir xalqın yadigarı kimi qalan köhnə qəbiristanlardan daha qorxulu və hüznavər idi. Acığından qızarmış gözləri ilə hovuzdan havaya qalxan fəvvarələrin hovuza tökülən qətrələrinə baxdığı zaman, göydən yerə qanlı yağışlar yağdığını hiss edirdi. Ulduzların şəfəqini hovuzun güzgüsündə görüncə Yer kürəsinin dağıldığını və ulduzların suya səpildiyini zənn edirdi. Fəzanın pəncərəsindən başını çıxarıb baxan on dörd gecəlik ay da onu udmaq üçün ağzını açan bir əjdahaya bənzəyirdi. Arabir çinar ağacında oxuyaraq “haq-haq” deyən quşun səsi də onu məşğul edirdi. O “haq-haq” səsini eşitdiyi zaman deyirdi: “Dünyada haqq yoxdur, həqiqət yoxdur, onların yerində aldatmalar, şəkərə bürünmüş zəhərlər vardır”. İnsana həqiqi nəşəni verən, ürəklərin daimi çırpıntısını dayandıran, varlıqdan yorğunluq və ümidsizlik duyan ürəklərdən illərin, əsrlərin kinli tozlarını silən və arzuları nəticələndirən ancaq intiqamdır. Mənim böyük düşmənim öz bəxtimdir. Düşmənimin birisindən intiqam ala bilmədiyim halda, iqbalım qarşıma başqa bir düşmən çıxardı. Lakin əvvəlki düşmən sonrakı düşmənimdən daha böyükdür. Çünki birincisini sevirdim, ikincisi isə məni sevdi. İkincisini məhv etmək birincisini məhv etməkdən daha asandır. Yalandır, sevgidə də həqiqət yoxdur. O məni sevirdi, and içmişdi, söz vermişdi, məndən başqasına evlənməyəcəkdi; çünki o, yaşca məndən böyük idi. Sevgilərin nə kimi bir cövhər və nəliyi məlum olmayan bir maddə olduğunu bir fəlsəfə şəklinə salıb qızların şüuruna yeridən alimlər nə qədər alçaq imiş... “Dünyada səbəbsiz bir şey yoxdur” – deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş. O, gözəlliyə pərəstiş etsəydi, yoxsullar arasında məndən daha gözəlləri var idi. Lakin o, xəlifə ilə qohum olmaq və bu vasitə ilə məmləkətini genişləndirmək istəmişdi. Mənsə onun məqsədinin aləti kəsilməli idim. O mənim izdivacımla bir tərəfdən məmləkətlərə sahibləndi, o biri tərəfdən də gələcəyindən həyat və iqbal ümidləri bəsləyən bir qızı öz şəhvətinə qurban verdi. Xəlifə öldü, onun mənə olan sevgisi də öldü. İndi isə ona təzə-təzə qurbanlar lazımdır, özü də ucuz qurbanlar. Lakin mən özümü onun qiymətləndirdiyi kimi qiymətləndirməyəcəyəm. O mənim həyatımı əlimdən almışdır, buna da öz həyatı ilə cavab verməlidir. O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. Onun nəslini kəsməyə çalışacağam. Mənim üçün qiymətli olan ancaq oğlumdur. Çünki onun yarısı mənim öz qanımdandır. Ana məhəbbətini ürəkdən silə biləcək bir dərman olsaydı, mən bu rüsvayçı və aldadıcı xanədandan bir nəfər nəfəs çəkən belə diri buraxmazdım. Lakin uşaq mənə oxşayır, o mənimdir. Mənim olduğu üçün ata məhəbbətindən məhrumdur. Vaxtilə dodaqlarımdan öpərkən: “O dodaqlar mənim həyat bulağımdır” deyən aldadıcı dodaqlar bir dəfə də olsa mənim oğlumun dodaqlarından öpməmişdir. Mənim dodaqlarıma xəyanətlə dəyən dodaqların başqa dodaqlarda gəzdiyini gördüyüm zaman nə yalvarmaq, nə də həqiqətə sığınmaq lazım deyil. Belə çətinliyin əlacı ancaq intiqamdır. Qadın bədəninin başqa bir kişiyə satılması işinə irz, namus və qeyrətin satılması kimi baxanlar xalqın ən anlamaz və geridə qalan hissəsidir. Çünki satılan şey bir parça ətdən ibarət olmayıb, hər şeydən təmiz olan ailəvi vicdandan ibarətdir. Mütəqabil sevginin özü də həmin vicdandan süzülüb tökülən cövhərdən ibarətdir. Dünyada irz, namus və şərəf adlanan şey varsa, o da ancaq cövhərdir. Demək ki, mütəqabil sevgi məni satan adamda yox idi. O, satıcı idi. Əvvəlcə o məni satdı, mənim üçün də yol açdı. Əcəba, onun məni qısqanmağa nə haqqı vardır? Mən başqasının qolları arasına girib yatmadım, onun qadını ola-ola başqasına ərə getmədim. Başqasından iki oğlan da doğurmadım, onun mənə xain deməyə haqqı vardırmı? O həm evləndi, həm də mənim atamın qatillərini müdafiə etdi. Xəlifənin qarşısında Fəxrəddinin alnından öpdü. Mənim qəlbimi yaraladı. Mənim atamın üzərinə üsyanlar təşkil edən Nizamini diri qoydu. O hazırda öz oğlu və öz qadını ilə oturub şeir yazır. Halbuki Atabəy mənim əlimi əlinə aldığı zaman Nizamini məhv edəcəyinə söz vermişdi”. Qətibə bunları düşündüyü zaman fikri bir daha keçmişlərə qayıtdı. Onun nəzərində Atabəylə birinci dəfə görüşdüyü gün və toy gecəsinin əsas dəqiqələri canlandı. Onu qısqanclığın isti tərləri çimdirməyə başladı və şiddətlə diksindi. Sanki onun qarşısında gənc Atabəy durmuşdu, sanki o, birinci dəfə Qətibənin dodaqlarını dodaqlarına yaxınlaşdırırdı. Qətibə bu düşüncə ilə də dedi: “Atabəy, sən bu dodaqlara and içməlisən, o şair məhv edilməlidir”. Qətibə bu sözləri dilində təkrar etdiyi zaman sanki qulaqları da bu sözləri eşidirdi: “Qətibə, bu dodaqlara and içirəm, mən o şairi məhv edəcəyəm”. Qətibə keçmişin qoynuna girmişdi, Atabəyə nazlanırdı, Atabəy isə bir kasa dolusu nadir inciləri Qətibənin döşlərinə səpərək: “Qətibənin incilərdən incə olan vücudu incilərin şəfəqinə qalib gəlir” – deyirdi. Qətibə bu fikirlərin təsiri ilə qollarını qaldırıb gənc Atabəyi öz bağrına basmaq istərkən, qolları öz döşünə düşdü və diksinərək: “Yox, – dedi, – artıq o mənim deyil, onun qolları indi başqasının boynundadır. O incilər artıq başqasının döşlərinə səpilir, eyni zamanda onun dodaqları da başqasının dodaqlarına yaxınlaşaraq verdiyi vədələrə and içir; çünki kişilərin adəti söz verib and içmək və andını sındırmaqdır. Qadın isə acılar içində qıvrılmaq və başqasının qoynuna atılan kişini ələ gətirmək üçün çalışmaq, ümidsizliklər içində verəmləmək, intihar etməkdən başqa bir şey bacarmır. Lakin mən o qadınlardan deyiləm, verəmlənməyəcəyəm; çünki verəmli qadında intiqam almaq qüvvəti qalmaz. Mən intihar etməyəcəyəm, çünki mən aciz qadınlardan deyiləm, intihar acizlər üçündür. O məni satdı, bununla da məni mənəvi surətdə öldürdü. Mən o mənəviyyatı başqa bir kişidən ələ gətirməklə də yaşaya bilərəm. Mən indi ona olan sevgimi, ona qarşı doğan intiqam duyğularına dəyişdim”. Qətibə yerindən qalxarkən özünü çox ağır hiss etdi. O bütün ömründə birinci dəfə idi ki, belə bir ağırlığı hiss edirdi. Vücudu titrədi, “əcəba, mən qocaldımmı?” – deyərək otağa girdi, güzgünün qabağına keçib öz çöhrəsinə baxdı və öz-özünə: “Gözlərim haman qaralığında və öz acıqlı baxışlarında davam edir. Saçlarım da haman, qaşlarım da haman. Bəs göz qapaqlarının ətrafındakı mavi rəng nədir?! Gənc ikən o nişanələr gözlərimin ətrafında yox idi. Bəs o nədəndir?”. Qətibə bu sualına özü cavab verdi: “Gecələr yatmamaqdan. Səhərə qədər pəncərədən fəzaya baxaraq ulduzları saymaqdandır. Mən bir ilin içərisində fəzada üzən ulduzların hamısı ilə tanış oldum. Mənim göz qapaqlarım qaralmasın da, nə etsin? Bu gözlər səhərə qədər minlərcə ulduzları öz qərargahına ötürməklə məşğuldur. Bu gözlər üç yüz gecədir ki, ayı təqib etməklə Əlvənd dağının arxalarına yola salır. Bu gözlər bir ildən bəridir ki, gecələri bənatünnəş ulduzları ilə barabər məhv olan gəncliyin qiymətli günlərinə ağlayır”. Qətibə bir ah çəkərək öz əndamına bir daha baxdı. “Boyum, buxunum öz yerində, hələlik qocalığa boyun əyməmişəm”, – deyərək cariyəsini çağırdı və: – Şam süfrəsini düzəldin, Hüsaməddini hüzuruma çağırın! – dedi. Qətibənin şam süfrəsi Maşanrud çayına baxan bir balkonda düzəldilmişdi. Dəmavənd və Əlvənd dağlarından qopan ruzigar Fərivər nahiyəsinin çiçək qoxularını Qətibənin balkonuna gətirirdi. Qətibə saçlarını açıb çiynində tökmüşdü, Hüsaməddini gözləyirdi. Hüsaməddin gəldi, salam verib durdu. Qətibənin saçlarından qalxan ətir qoxuları Hüsaməddində Qətibəyə qarşı təzə bir zövq oyandırdı. O indiyə qədər Qətibəni bu libasda, bu gözəllikdə görməmişdi. Qətibənin geydiyi nazik ipək köynəkdən döşlərinin yarısı görünür və şamların işığında şəfəqlənirdi. O, incə və ağ əlləri ilə dizlərini qucaqlayıb oturmuşdu. Barmaqlarındakı üzüklər və döşlərindəki almaz boyunbağılar hamısından artıq Hüsaməddinin nəzərini cəlb edirdi. Qətibə ona öz yanında yer göstərdi və: – Burada otur, Hüsaməddin! – dedi. – Dərd söyləmək və sirr vermək üçün səndən başqa bir adam qalmadı. Bu gecənin nə kimi bir gecə olduğunu bilirsənmi? Bu gecə Atabəy öz qadını və öz oğlanları ilə Atabəy sarayında ziyafət düzəltmişdir. Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. Lakin sən onu bilməlisən ki, Atabəy bizim sirlərimizi ələ almışdır. O bizdən bədgümandır. Onda şübhələr və qısqanclıqlar həddindən artıqdır. Ancaq sən bundan heç bir vaxt təkan yeməməlisən. Bizim Atabəyə düşmən olduğumuzu bilsələr, minlərcə həmfikir tapa bilərik. Atabəy Həmədanda Zəhir Bəlxi və Kəmaləddini həbsə aldırmışdır. Bunların hamısı Atabəyin bizə qarşı başlamaq istədiyi hücumların zəminəsidir. Biz də vaxt ikən həyata keçirmək istədiyimiz hadisənin zəminəsini qoymalıyıq. Hüsaməddin Qətibənin nə demək istədiyini dərhal anladı, bunsuz da o, Qətibənin Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi. Bir az Hüsaməddin Qətibəyə, bir az da Qətibə Hüsaməddinə yaxınlaşmışdı. Ruzigar Qətibənin saçlarını Hüsaməddinin çiyninə səpirkən Hüsaməddin də onun qulağındakı sırğada “A. və M.” hərflərini oxuyurdu. Hüsaməddin dodaqlarını uzadıb onun ağ zanbağın yarpağına bənzəyən qulaqlarından öpərkən pıçıldadı: – Mələkənin bütün fikirlərinə şərik oluram. Ona bütün varlığımla kömək edəcəyəm. Qətibə də bunun cavabında: – O dodaqlar mənim oğlum Qütlüğün vəliəhdliyə təyin edilməsinə və Atabəydən intiqam almağa and içməlidir, – dedikdə, Hüsaməddin də onun qulağına yox, dodaqlarına pıçıldayaraq: – Bu dodaqlara and içirəm! – dedi. Qətibə bir neçə saniyədən sonra dodaqlarını onun dodaqlarından aldığı və Hüsaməddinin qolları arasından kənara sıçradığı zaman: – Mən o qolların arasına ancaq Atabəyin qollarından həmişəlik azad edildikdən sonra girə biləcəyəm, – dedi, sonra da bir ah çəkərək: – Ah, kişilərin bağladığı əhd-peymanın davamı, qadınların qolları arasından çıxıncaya qədərdir. Hüsaməddin qəti olaraq cavab verdi: – Atabəy məhv ediləcəkdir. Sizə söz verirəm! * * * XII əsrin yarısında Azərbaycan XII əsrin 2-ci yarısında xəlifə bayrağı altında hökumət süren hökmdarların ən qüvvətlisi Azərbaycan atabəyləri idi. Azərbaycan hökuməti üçün yeganə bir rəqib varsa, o da Xarəzmşahlar idi. Əlaəddin Təkiş Xarəzm hökumətinin başına keçdiyi zaman bu mübarizə daha da gücləndi. Sultan Təkiş hər nə olursa olsun, xəlifəyə təsir yetirmək üçün Bağdada yol açmalı idi. Lakin Azərbaycan atabəylərinin coğrafi mövqeyi Sultan Təkişin bu arzularına imkan vermirdi. Azərbaycan, Rey və İraqın, həmçinin coğrafi və strateji üstünlüyün atabəylər əlində olması onlara Bağdadı daima öz nüfuzları altında saxlamağa kömək edirdi. Azərbaycan atabəyləri istədikləri zaman Bağdadı işğal edər və öz dediklərini xəlifəyə dikdə edə bilərdilər. Azərbaycan atabəyləri Bağdad üzərində qazandıqları nüfuz sayəsində istədikləri zaman xəlifəni mövqeyindən düşürər və yerinə başqasını təyin edə bilərdilər. Səlahəddin Əyyubinin əhlsəlib müharibəsi ilə məşğul olması, xəlifənin ixtiyarını tamamilə Azərbaycan atabəylərinin əlinə tapşırmışdı. Xəlifənin özü üçün də Azərbaycan atabəylərinə sığınmaq əlverişli idi. Çünki Əlaüddövlənin vaxtilə xəlifələrə qarşı qoyduğu təhqirlər xəlifələrin qüvvətli bir hökumətə istinad etməsinə səbəb olmuşdu. Buna görə də Azərbaycan atabəyləri iraqlıların geniş siyasi intriqalarına baxmayaraq, paytaxtı Həmədandan Təbrizə köçürmək istəmirdilər. Çünki paytaxtın Həmədandan köçürülməsi Bağdadın qapısını qonşu hökumətlərin üzünə açmaq demək idi. Azərbaycan atabəylərinin məmləkəti şimal, cənub, qərb və ümumiyyətlə Orta Asiya məmləkətlərini idarə edən hökmdarların, Bağdad və Hindistan ilə əlaqəyə girməsinə manə törədirdi. Atabəylər yalnız siyasi nüfuz deyil, Şərqin iqtisadi açarlarını da əlində saxlamışdılar. Onlar istədikləri məmləkətin ticarət yollarını bağlayır və iqtisadi təhlükə yarada bilirdilər. Azərbaycan atabəyləri səlcuqilərin təqib etdiyi siyasəti təqib edirdilər. Səlcuqilərin tutduğu siyasi xətt-hərəkət eyni ilə köhnə midiyalıların getdiyi yol idi. Midiya hökmdarları asoriləri və gəldaniləri şimal və şərq məmləkətlərinə buraxmamaq üçün Həmədan (Ekbatan) qapılarını əllərində saxladıqları kimi, səlcuqilər də şimal-şərq hökmdarlarını cənuba buraxmamaq üçün Bağdadın qapısı sayılan Həmədanı paytaxt qərar vermişdilər. Azərbaycan atabəyləri Midiya hökmdarı Astiyaqın vaxtilə elamlar, gəldanilər, asorilər, hamorabilərə qarşı oynadığı rolu Qaraxatay, Türküstan, Xarəzm və sair məmləkətlərə qarşı oynamaqda idilər. Bütün bu səbəblər Atabəy paytaxtının Təbrizə köçürülməməsinə səbəb olmuşdu. Həmədanı Azərbaycan atabəylərinin əlindən almaq üçün başlanan qanlı müharibələr azərbaycanlıların qəhrəmanlıqları nəticəsində atabəylərin qələbəsilə qurtarmışdı. İttifaq etmiş Orta Asiya və Xarəzm hökumətləri Azərbaycan atabəylərini Azərbaycan daxilində döyməyə qərar verdilərsə də, Azərbaycan xalqının qılınclarına rast gəlib qayıtmağa məcbur oldular. Səlcuq şahzadələrinin əcnəbilər əlində alət olması nəticəsində də, Azərbaycan daxilində siyasi intriqalar yaradılır və qiyamlar baş verirdi. Nizami dövründə Azərbaycanda əcnəbi casuslar artmışdı. Bunlar hökumət idarələri və padşah saraylarını tamamilə öz əllərinə alaraq, yerli mədəniyyətin çürüməsinə, yerli dil və yerli ədəbiyyatın əcnəbi dili və əcnəbi nüfuzuna təslim olmasına çalışırdılar. Qətibənin öz ərinə qarşı düzəltdiyi sui-qəsd bu cür qarışıq və təhlükəli bir zamana təsadüf edirdi. Atabəy məmləkətləri müharibə ərəfəsində idi. İraqda istiqlaliyyət fikirləri getdikcə canlanırdı. İranda Eldəniz xanədanına qarşı oyanan hərəkət, başqa bir xanədan təşkilinə imkan yaratmağa çalışırdı. İstər iranlılar, istərsə iraqlılar Qızıl Arslan və Atabəy Məhəmmədin tədbir və qəhrəmanlığına qarşı özlərində qüvvət hiss etmirdilər. Bunun üçün də məmləkətdə Toğrulun yenidən taxta çıxarılması məsələsi qaldırılmışdı. İraq və İran ziyalıları tamamilə bu əcnəbi fikirlərin ətrafına yığılmışdılar. Xüsusən Xarəzmşahın casusu Zəhir Bəlxi Toğrulun taxta oturması üçün əlindən gəldiyi qədər çalışır və Sultan Təkişin tərəfindən buraxılan maddi yardımla tərəfdarlarına mükafat və xələt paylayırdı. Zəhir Bəlxi və Kəmaləddin həbsə alındıqdan sonra Atabəy Məhəmməd Toğrulu Gəncədən Həmədana çağırıb gözlərinə mil çəkdirməyi qərara alınca, Qətibə bunu Səba xanımın vasitəsilə xəbər aldı və dərhal Gəncəyə təcili qasid göndərərək məsələni anlatdı. Toğrul gecə ikən üç nəfər inanılmış adam ilə Gəncədən gizlincə hərəkət edib, Xarəzmşahlar məmləkətinə qaçdı. Toğrulun Gəncədən qaçmasından onun əcnəbi nüfuzuna düşdüyü, Azərbaycanın İraq, Xarəzm və İran arasında paylanması tərəfdarı olduğu ifşa edildi. Lakin Toğrul Gəncədən qaçmaqla kifayətlənməyərək, İraq vətənpərvərləri ilə yazışmaqda və Atabəy Məhəmməd hökumətinə qarşı macəra düzəltməkdə davam etdi. * * * Məhkəmə quruldu. Atabəyin oğlanlarını öldürmək üçün gedən iki nəfər və Nizamini öldürmək üçün göndərilən üç nəfər mühakimə üçün həbsxanadan çıxarılıb məhkəmə otağına gətirildi. Zəhir Bəlxi ilə Kəmaləddin həbsxanadan qaçırılmışdı. Buna görə də Həmədan qazısının rəhbərliyi ilə aparılan mühakimədə bütün günahlar Zəhir Bəlxi və Kəmaləddinin öhdəsində qaldı. Nizamiyə sui-qəsd etmək və Atabəyin oğlanlarını öldürmək üçün göndərilənlərin hamısı məsuliyyəti Qətibənin və Zəhir Bəlxinin öhdəsinə qoyub bir səslə dedilər: – Bizi göndərən Zəhir Bəlxidir. Pul vəd edən isə Atabəyin mələkəsidir. Məhkəmənin qərarına görə cinayəti həyata keçirmək üçün gedənlər edam edilməli idi. Lakin Nizaminin Atabəyə göndərdiyi məktubu oxunduqdan sonra, üç nəfər müqəssirin Atabəy məmləkətlərindən xaric edilməsi qərarı çıxarıldı. Nizami məktubda yazmışdı: “Hökmdari-müəzzəm! Mənim həyatıma sui-qəsd etmək istədikləri zənn edilən müqəssirlərin azad edilməsini rica edirəm. Onların mənim ilə heç bir düşmənçiliyi yoxdur. Nə mən onları tanıyıram, nə də onlar məni. Hərgah Atabəy ədalətlə iş görmək istəyirsə, onları bu cinayətə məcbur edənləri cəzalandırsın! Gəncə, İlyas” Atabəy Məhəmmədin son qərarı, Qətibəni paytaxtdan uzaqlaşdırmaq və Toğrulu Xarəzmdən Azərbaycana çağırıb əcnəbi intriqasına nəhayət verməkdən ibarət idi. Qətibəni paytaxtdan çıxarmaq üçün düşünülən tədbir onun oğlu Qütlüğ İnancı Rey hakimi təyin etmək və anası ilə birlikdə Rey məmləkətinə köçürmək qərarı idi. Qətibə əvvəlcə bu qərara razı oldu, lakin oğlu köçüb gedəndən sonra “paytaxtı buraxıb getməyəcəyəm” – deyə əvvəlki sözündən boyun qaçırdı. Atabəy Məhəmməd Toğrulun Xarəzmdən çağırılması məsələsini Qızıl Arslana tapşırmışdı, çünki Toğrul Qızıl Arslanın sözünə inanırdı. Qızıl Arslan Toğrula göndərdiyi məktubda yazırdı: “Əziz qardaşım! Sənə çox gözəlcə məlumdur ki, hazırkı hökmdarlıq atamız Eldənizin qılıncı və rəhmətlik anamız Türkan xatunun tədbirləri sayəsində düzəlmişdir. Belə bir zəhmətlə düzələn hökmdarlığı əcnəbilərin ayaqları altına vermək biz Eldəniz oğlanları üçün tarixi bir ləkə olub qalar. Sənin bilməyərək Zəhir Bəlxi və sair bu kimi əcnəbi nümayəndələri ilə olan dostluğun öz vətəninə qarşı bağışlanmaz bir xətadır. Sənin əcnəbi məmləkətlərə pənah aparmağına heç bir səbəb yoxdur. Səninlə Atabəy Məhəmməd arasında olan ixtilafın mənbəyi bizim üçümüzə də məlumdur. Bunu Atabəy həzrətləri lazımınca təyin eləmişdir. Buna görə də məktubumu alan kimi Təbrizə gəlməlisən. Sən bilirsən ki, rəhmətlik anamız Türkan xatun məni sizin hamınızdan artıq sevirdi. Mən səni himayə edəcəyim üçün onun qəbrinə and içirəm. Gəl Təbrizə, mənimlə barabər paytaxta gedək. Sən orada and içərsən, Atabəy də sənin toxunulmazlığını təmin edər. Əziz və səmimi qardaşın Qızıl Arslan” Məktub göndəriləndən iyirmi gün sonra Toğrul Təbrizə qayıtdı. Bir neçə gün istirahət etdikdən sonra Qızıl Arslanla barabər Həmədana yola düşdülər. Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. Toğrul öz sarayına getməyərək, Qızıl Arslanla barabər Atabəy sarayında mənzil etdi. Qətibə Qızıl Arslanın Toğrul haqqındakı hərəkətinə ürəkdən sevinirdi. Çünki Toğrul məhv ediləndən sonra Qızıl Arslan rəqibsiz qalacaq idi. Qətibə Atabəy Məhəmmədi məhv edəndən sonra Toğrulu Azərbaycan taxtına çıxarmaq və öz oğlunu vəliəhd təyin etdirmək istəyirdi. Lakin Qızıl Arslan heç bir vəchlə Qətibənin oğlunun Azərbaycan vəliəhdi olmasına imkan verməyəcəkdi; çünki o, Atabəyin oğlu Əbubəkri Təbriz sarayına gətirib hökumət işləri ilə tanış edir və gələcək üçün hazırlayırdı. Qətibəni də rahatsız edən bu idi. Onun bütün ümidləri Toğrula idi. Çünki Toğrul ilə hər cür sazişə girmək mümkün idi. Ailə bir süfrənin başına yığışmışdı. Onlar Qətibəni gözləyirdilər. Qətibə otağa daxil olan kimi Toğrul və Qızıl Arslan ayağa qalxıb təzim etdilər. Atabəy Məhəmməd də onlara qoşulub Qətibəni görürkən ayağa qalxdı, on ildən bəri yerinə yetirmədiyi vəzifəsini ifa etdi. Süfrəyə oturdular, yeməyə başlamadan əvvəl söhbətə başladılar. Qızıl Arslan sözü bu cür başladı: – Böyük-böyük məmləkətlərin neçə yüz minlərcə xalqları öz müqəddəratını bu süfrənin başında oturanların əlinə tapşırmışdır. Millətlərin arasında çıxan hər cür ixtilafı ancaq bu süfrənin başında oturanlar həll etməlidirlər. Əcəba, bu süfrənin başında oturanların arasında ixtilaf çıxarsa, kimlər həll etməlidirlər? Məmləkətin ətrafındakı düşmənlərmi? Lakin mən elə zənn edirəm ki, aralıqda elə də dərin bir ixtilaf yoxdur ki, başqalarının həll etməsinə ehtiyac hiss edilsin. Əvvəlcə qardaşımız Toğruldan başlayaq: onun narazılığı nədəndir? Onun padşahlığı əlindən alınmışdırmı? O bunu nə ilə isbat edə bilər? Əcəba, qardaşımızın özü Atabəy Məhəmmədi kəfil təyin etməmişdirmi? Bəli, etmişdir. Hərgah Atabəy Məhəmməd məmləkəti dağıtmış və uduzmuşsa, o zaman yenə də Eldəniz oğlanları bu süfrənin başında yığışan kimi bir yerə yığışıb deyər ki, qardaş Məhəmməd, indi ki, məmləkəti idarə edə bilmirsən, iş başından çəkil və hərgah o bu təklifi qəbul etməzsə, biz məcburi vasitələrə də müraciət edə bilərik. Lakin Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. Kür çayından başlayıb Dəclə və Fərat çayı sahillərinə qədər bizim nüfuzumuzun altına keçmişdir. Bağdad xəlifələri bizim nüfuzumuz altında yaşadığı bir zamanda, Azərbaycan xalqı kimi tarixi və böyük bir xalq Eldəniz oğlanlarını öz doğma hökmdarı kimi tanıdığı bir zamanda, qardaşımız Toğrulun narazılığı nədəndir? Mən sənin qardaşın deyiləmmi? İstəyirsən gəl Təbrizdə otur, mən gedib Gəncədə oturaram. Yaxud da sən gedib Gəncədə otur. Böyük qardaşımız Atabəy də saray söhbətləri və cariyə macəralarına əhəmiyyət verməməlidir. Düşmənlər sərhədlərdə bizə heç bir şey edə bilməzlər. Onlar məmləkəti içəridən çürütməyə çalışırlar. Buna görə də biz şəxsi mənfəətləri bir tərəfə buraxıb ümumməmləkətin qeydinə qalmalıyıq. Qızıl Arslan Toğrul haqqında danışandan sonra, Qətibənin məsələsinə keçərək dedi: – Qardaşım Atabəyin Azərbaycandan bir qız alması məsələsinə mən tamamilə başqa bir nəzərlə baxıram, bu izdivacın siyasi bir mündəricəsi vardır. Nə mən, nə qardaşlarım, nə də qardaşım Atabəyin mələkəsi azərbaycanlı deyilik. Qardaşımın Gözəl xanıma evlənməsi, nəslimizin Azərbaycan nəslinə qarışması deməkdir. Bu izdivacla Eldəniz nəsli azərbaycanlılaşır. Xalq bizim övladımızı öz doğma vətəndaşı və öz doğma hökmdarı kimi tanıyacaqdır. Lakin bu o demək deyildir ki, mələkənin malik olduğu hörmət və ehtiram Gözəl xanıma yetişir. Mələkə yenə də mələkədir. Gözəl xanımın oğlanları da onun oğlanlarıdır. Övladımız nə qədər çox olursa, məmləkətimiz də o qədər inanılmış adamların idarəsi altına keçər. Məmləkətlərdə başqalarını iş başına çıxarmaqdansa, övladımızı hökmdar təyin etsək yaxşı olmazmı? Mən elə zənn edirəm ki, bunların hamısı müştərək iş şəraiti olmamasının nəticəsində doğan anlaşılmazlıqdır. Biz bu süfrənin başında and içməliyik. Məmləkətin hazırkı vəziyyəti iş birliyi və fikir birliyini tələb edir. Əvvəlcə Atabəy Məhəmməd and içdi: – Mən Eldənizin və Türkan xatunun ruhuna and içib deyirəm: “Mən heç bir zaman öz qardaşlarıma qarşı xain fikirlərdə bulunmayacağam. Mən özümə tapşırılan vəzifəni qardaşlarımın məsləhət və köməkləri daxilində ifa edəcəyəm!” Atabəy Məhəmməd and içdikdən sonra Toğrul əlini süfrəyə qoyub and içdi: – “Mən Eldəniz və anam Türkan xatunun ruhuna and içirəm. Mən heç bir zaman məmləkətə və qardaşlarıma qarşı xain hərəkətdə bulunmayacağam. Mən heç bir vaxt əcnəbi müdaxiləsinə imkan verməyəcəyəm. Mən heç bir vaxt qardaşlıq namusuna xələl yetişməsinə razı olmayacağam!”. Bunlardan sonra Qətibə əlini süfrəyə qoyub and içdi: – “Mən Eldəniz xanədanının davamı üçün əlimdən gəldiyi qədər çalışacağam. Eldəniz övladından törəmiş nəsli öz nəslim və öz övladım kimi sevəcəyəm. Mən bu xanədanın şərəf və əzəmətini ləkədər edə biləcək heç bir təşəbbüsdə bulunmayacağam!” Hamıdan sonra Qızıl Arslan əlini süfrəyə qoyub and içdi və: – ”Məmləkətin nüfuzunu möhkəm etmək, Eldəniz xanədanını davam etdirmək, məmləkətin hüdudunu genişləndirmək üçün bütün varlığımla çalışmağa and içirəm!” – dedi. And qurtardıqdan sonra cariyələr içəri girib süfrəyə yemək verdilər. * * * Ölüm qərarı Atabəy Bağdada çağırılmışdı. Qətibə bu fürsətdən istifadə edərək gecələrin birində Toğrulu yanına çağırdı və Atabəy Məhəmmədin qaba hərəkətlərindən şikayətlənərək dedi: – Siz mənim nə qədər qohumcul olduğumu bilməmiş deyilsiniz. Lakin qardaşınız mənim oğlumun qarşısına təzə varislər qoymağa tələsdi. Gedib bir kəndli qızına evləndi. Mənim əzəmət və şərəfimi təhqir etdi. Nəhayət, oğlumu məndən ayırıb Reyə hökmdar göndərdi, çünki məni paytaxtdan uzaqlaşdırmaq lazım idi. Bu gün mən öz canımı götürüb buradan gedə bilərəm, lakin sizin həyatınızı onun vicdanına tapşırmağa cəsarət etmirəm. Onun süfrə başında and içməsinə inanmayın, o öz nəfsindən ötrü bütün Eldəniz xanədanını məhv edə bilər. Xüsusən o son vaxtlar olduqca əsəbiləşmişdir. Qan tökmək, göz çıxarmaq üçün bəhanə axtarır. Çıxılmaz vəziyyətdəyəm. Onu sevirəm, lakin məmləkəti və xanədanın şərəfini də sevmək lazımdır. O, hökumət başından öz razılığı ilə çəkilsəydi, mən mələkəlikdən əl çəkib, sadə və adi bir qadın kimi yaşamağa razı olardım. Məmləkət bir az da onun əlində qalarsa, məhv ediləcəyi şübhəsizdir. Onun qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. Hazırda Atabəy məmləkətlərinin bir tək müttəfiqi və dostu yoxdur. Ətrafı düşmən əhatə edibdir. Hazırda od içində yaşamaqdayıq. Atabəy isə öz inadında davam edir. Lakin biz buna soyuqqanlılıqla baxa bilmərik. Sizi bunun üçün yanıma çağırmışam. Siz ətrafınızı təmizləməli idiniz. Bağdadda sizə yazdığım məktub onun əlinə keçmişdir. O bizim bütün təşəbbüslərimizdən xəbər tutubdur. Nizamini məhv etmək və Gözəlin oğlanlarını öldürmək istədiyimizi bilmişdir. Qətibənin bu mövzu üzərində qurulmuş söhbətləri ölüm və kor olmaq təhlükəsi qarşısında duran Toğrulun düşüncələrinə tamamilə uyğun gəlirdi. Lakin o, olduqca ehtiyatlı hərəkət edirdi. Uzun dəqiqələr danışmayaraq, ancaq Qətibənin əlini tutub öpərkən: – Doğru deyirsən, ağıllı və nəcib mələkə, – dedikdə, Qətibə də bir ah çəkərək: – Ah, bu əl sizin kimi adil, nəcib və ədəbli bir hökmdarın əlində olsaydı! – dedi. Toğrul isə bir daha onun əlini öpərək: – O ixtiyar nəcib mələkənin özündən asılıdır, – dedi. Qətibə də: – Yox, o məndən asılı deyil. Atabəy Məhəmməd sağ ikən sizin buyurduqlarınız bir xəyal şəklində qalmalıdır, – dedikdə, yenə də Toğrul: – Dediklərimi arzu şəklindən çıxarıb həyat şəklinə salmaq yenə də mələkənin özündən asılıdır. Lakin bilmirəm mələkəyə inanmaq olarmı? Bu sözdə Qətibə dodaqlarını Toğrula tərəf uzadaraq: – Bu dodaqları öz sədaqətimdə möhkəm duracağım üçün gələcək hökmdarın yanında girov qoyuram, – dedikdə, Toğrul onun dodaqlarından öpdü və Qətibəni qolları arasına almaq istərkən, Qətibə onu rədd edərək: – Hələlik bu qədər. Sonrası isə əhdə vəfa edəndən sonra, – dedi. Toğrul artıq Qətibəyə inanmışdı, qəlbini ona tamamilə açmağa qərar verdi və dedi: – Gözəl mələkə, sizin ağıllı fikirləriniz üçün çoxdan bəri zəminə hazırdır. İraqlılar tamamilə bu fikirlərin tərəfindədirlər. Xarəzmşah Təkiş xan da öz ordusu ilə mələkənin fikrini müdafiə edəcəkdir. Sizin oğlunuzun məsələsinə gələndə, o da sizin istədiyiniz kimi həll ediləcəkdir. Sizin oğlunuz Sultan Toğrulun vəliəhdidir. Buna razı qalırsınızmı? – Məsələ bununla bitmir. Nizami və Fəxrəddin məhv ediləcəkdir. Atamın qətlində iştirak edənlərin hamısı və həmçinin Gözəlin oğlanları Əbubəkr və Özbək edam edilməlidir. Sonra, Hüsaməddinə əmirülüməralıq mənsəbi vermək lazımdır. – Bilmirəm, Hüsaməddinə inanmaq mümkündürmü? – Hüsaməddin bizimkidir. O, Sultan Toğrula sədaqətlə xidmət etməyə hazırlanmışdır. – Sizə inanıram, mələkə. Lakin bir az ehtiyatlı olmalısınız. – Sultan Toğrul əsas vəzifəni mələkəyə tapşıra bilər. Lakin Sultan taxta oturduğu zaman mələkəlik adı Qətibəyə məxsus olmalıdır. Sultan buna öz vicdanı ilə söz verə bilərmi? Söhbət burada bitdi, çünki Hüsaməddinin Qətibənin görüşünə gəldiyini xəbər verdilər. Toğrul vidalaşıb bir qapıdan dışarı çıxdığı zaman, o biri qapıdan da Hüsaməddin içəri girdi. Hüsaməddin qaşqabağını turşutmuşdu. O, Qətibə ilə Toğrulun əlaqəsindən şübhələnir və qısqanırdı. Qətibə bunu dərhal hiss etdi və nazlanaraq dedi: – Qaydası belədir. Kişilər qadının sevgisini hiss edərsə, qadınlığı əvəz edər, tez-tez küsər və şıltaqlıq etməyə başlar. Bilmirəm, mənim dostum nə zaman ağlını başına yığıb özünü müstəqil bir kişi kimi aparmağa başlayacaqdır? Mən burada hökmdarlıq və xanədan məsələsini həll edirəm, burada sənin üçün təzə dünya, təzə mənsəb yaradıram, sən isə yalnız şübhələrlə və qısqanclıqla oynayırsan. Hüsaməddin fikirli başını qaldırıb dedi: – Mən mələkənin Toğrul ilə olan əlaqəsindən xəbər tutmasaydım, ona inana bilərdim. – Mənim onunla nə əlaqəm ola bilər? – Onu mələkənin özü çox yaxşı bilir. Hüsaməddin bunu deyərək daha danışmadı. O, doğrudan da, Qətibənin Toğrul ilə olan əlaqəsini bilirdi. Çünki onun Bağdadda Toğrula yazdığı və Səba xanımla göndərdiyi sevgi və məhəbbət məktublarını Səba xanım əvvəlcə Hüsaməddinə göstərib mükafat almış, sonra Toğrula nişan verib mükafata nail olmuş, sonra isə Həmədanda Atabəyə göstərib Qasımabad kəndinin qəbaləsini əldə gətirmişdi. Lakin Qətibəni Hüsaməddinin şübhələri heç də düşündürmürdü. Çünki o, kişilərin nəliyini, kişilərin özündən daha yaxşı öyrənmişdi. Kişilər nə qədər kinli, qısqanc və şübhəli olursa olsun, onları iki yüngül vasitə sakit edə bilərdi. Onlardan birisi qadının göz yaşları, ikincisi də qadın dodaqları idi. Hüsaməddin, Qətibənin üzünə baxdığı zaman onun gözlərindən axan damcıların ipək donu üzərinə tökülüb parçalandığını gördü. Bir qətrə göz yaşı Hüsaməddinin qəlbindəki cəhənnəm atəşindən daha qızğın alovları dərhal söndürdü. O irəli gəlib iki əllərini Qətibəyə tərəf uzatdı və yalvarıcı bir halda dedi: – Mələkə, rica edirəm, özünüzü ələ alın, mən sizi gecənin bu vaxtında ağlatmaq üçün gəlmədim. Mənə rəhm edin, mən bu vəziyyəti görə bilmərəm: Qətibə tutqun bir səslə danışdı: – Sənin bu hərəkətlərin məni məhv edəcəkdir. Mən bilmirəm hansı bir dərdi çəkim. Sən mənə fikirlərimdə yardım vermək əvəzinə, ruhumu zəhərləyirsən. Sən məni Toğrul kimi bir ağılsıza satılacaq qədər həqirmi sandın? Əcəba, sən mənim onunla nə kimi məqsədlə yaxınlıq etdiyimi bilmirsənmi? Gəl otur. Bu gecə başqa mövzu barəsində danışacağam. Hüsaməddin oturdu. Qətibə əlini onun çiyninə qoyub and içdi: – Sənin bu varlığına and içirəm. Toğrul bizim sevgimizin müvəffəqiyyəti yolunda bir oyuncaqdır, – dedi və dodaqlarını Hüsaməddinə uzatdığı zaman soruşdu: – Bu dodaqların sahibinə sahiblənmək istəyirsənmi? Hüsaməddin: – İstəyirəm, mələkə! Bu arzular gəncliyin ilk arzularıdır, – deyə cavab verdi və onu qolları arasına almaq istərkən bu səsi eşitdi: – Atabəy öldürüləndən sonra!.. * * * Atabəy Məhəmməd öldürüldü Xarəzmşahlarla olan əlaqə get-gedə gərginləşirdi. Onların qonşularla ittifaq bağlaması, atabəyliyin ətrafında qüvvə hazırlamaları, Atabəy Məhəmmədin rahatsızlığına səbəb olmuşdu. Dörd aydan bəri Qaraxətayi, Xarəzm və Xorasan tərəflərini dolaşıb məmləkətin vəziyyəti ilə tanış olmaqda idi. Qış çox soyuq keçirdi. Atabəy səfərdən qayıtdığı zaman özünü yaxşı hiss etmirdi. Həkimlərin dediyinə görə Atabəyin ciyərləri soyuqlamışdı. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. Naxoşun halı yaxşı deyildi. Xəstənin verdiyi əmrə binaən xəstələndiyini gizlədirdilər, çünki Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox yerlərdə üsyan və qiyamlar başlayırdı. Xüsusən xəstəlik xəbərləri məmləkətin xaricində fəna təsir bağışlayır və atabəylər ölkəsinə qarşı əlaqələr dəyişirdi. Atabəy Məhəmməd Kiçik Buğanı yanına çağırıb dedi: – Görünür, bu xəstəlik çox uzun çəkəcəkdir. Mənim işlərə baş çəkə bilməyəcəyim, Toğrulun köhnə fikirlərinin təzələnməsinə səbəb ola bilər. Bu barədə ehtiyatlı olmalısan. Təcili surətdə Təbrizə çapar göndərib qardaşım Qızıl Arslanı Həmədana çağırmalısan; çünki mən iraqlıların fikrini yaxşı görmürəm. Vəzirləri mənim yanıma çağırın, xəlifə ilə münasibət məsələsini bir daha aydınlaşdırmaq lazımdır. Sizə bu gündən etibarən qəti əmr verirəm, bir nəfər də olsa məmləkətimizdən keçib Bağdada getmək istəyən Xarəzm tacirini buraxmayın, çünki onların bir çoxu tacir libasına girmiş casuslardır. Atabəy Kiçik Buğaya bir çox tapşırıqlar verdi, lakin onların həyata keçirilməsi mümkün deyildi. Çünki Qətibə və Hüsaməddin Həmədanın ətrafına müəyyən adamlar təyin etmişdi. Həmədandan Təbrizə və Bağdada gedənlərin hamısı axtarılır və həbsə alınırdı. Buğa tərəfindən Təbrizə Qızıl Arslana məktub aparan qasid yolda tutulub Hüsaməddinin adamları tərəfindən öldürüldü. Atabəy vəzirlərini yanına çağırsa da, Qətibə: “Xəstəni rahatsız etməyin” – deyə, heç bir kəsi saraya buraxmırdı. Atabəyin həkimi bir daha gəlib xəstəliyi yoxladı və təcili surətdə qan götürülməsini əmr etdi. Qətibə Atabəyin yatağının yanını kəsib oturmuşdu. Dəllək gəlib qan götürdü. Qan götürəndən iki saat sonra Qətibə ağlaya-ağlaya Atabəyin otağından çıxdı. Əyanlar, vəzirlər Atabəyin səhhətini soruşmaq üçün böyük salona yığışmışdılar. Qətibə onlara müraciət edərək: – Qızıl Arslan işini işlədi. Atabəyiniz öldü, – dedikdə, həkim təəccüb edərək tələsik içəri girdi; çünki o, iki saat əvvəl Atabəyin ürəyini və nəbzini adi halında görmüşdü, onda ölüm nişanələri yox idi. Həkim meyiti yoxladığı zaman onun yaşıl rəng aldığını görincə, vəzirlərə müraciət edərək: – Dəlləyi tez tapıb gətirin! Atabəydən zəhərlənmiş ülgüclə qan götürülmüşdür! – dedi. Lakin həkim, dəlləyin üzünü görüb onu istintaq etməyi bacarmadı, çünki sirr açılmasın deyə Qətibənin tapşırığı ilə dəllək saray qapısına gətirilmədən edam edilmişdi. Qızıl Arslan ölümdən xəbər tutmadan, iraqlıların və Xarəzmşahın Atabəy paytaxtı ətrafında yığışmış casusları işə başladı və öz namizədləri olan Toğrulu taxta qoymaq üçün hazırlıq gördülər. Onlar dərhal Nəsirəddinbillah xəlifənin yanına bir heyət göndərdilər. Atabəy Məhəmmədin ölümünü ona xəbər verdilər və eyni zamanda Toğrulun taxta oturmasını rica etdilər. Atabəy Məhəmmədin ölüm xəbəri Bağdad saraylarının bayramına və şadlığına səbəb oldu. Xəlifə, yaxasının Atabəy Məhəmmədin əlindən qurtarmasilə fəqirlərə ehsan payladı. Nəhayət, Toğrula bir xələt göndərməklə onun şahlığını təsdiq elədi. Cənazə qalxandan beş gün sonraya qədər Həmədandan kənara bir quş uça bilmədi və xarica xəbər aparmağa imkan verilmədi. Nəhayət, Həmədana toplanmış əcnəbi casusları Toğrulu taxta çıxarıb başına tac qoydular. Qətibə isə Hüsaməddin və Toğrulu yanına çağırıb Bağdad və Xarəzm qoşunlarını götürüb Azərbaycana hücum edilməsi və Qızıl Arslanı həbs etməklə yerinə başqa birisinin təyin edilməsini təklif etdi. Bu təklifə birinci olaraq Toğrul etiraz edərək: – Bu iş yaramaz, – dedi. – Qızıl Arslanı həbsə almaq üçün bütün Şimali Azərbaycanı həbsə almaq lazımdır. Çünki Atabəyin sağlığında da Şimali Azərbaycan xalqı ancaq Qızıl Arslanı tanıyırdı. Qətibə Toğrulun son sözlərinə cavab olaraq: – Heç olmazsa Qızıl Arslan həbs edilməlidir, çünki o sağ qaldıqca, Təbrizdə azad hökumət sürdükcə, Şimali Azərbaycan mərkəzi tanımayacaqdır. Hər nə olursa olsun, Şimali Azərbaycandan qırx-əlli nəfər həbsə alınmalı və cəzalandırılmalıdır; çünki Nizamilər, Fəxrəddinlər qaldıqca, bizim Şimali Azərbaycanı itaət altına gətirə biləcəyimiz mümkün olmayacaqdır. Toğrul yenə də etiraz etdi: – Nizamilər və Fəxrəddinlər daima Atabəy Məhəmmədin siyasətinə qarşı mübarizə aparırdılar. Mən elə bilirəm ki, biz məmləkəti ədalət və qanun daxilində idarə edə bilsək, Şimali Azərbaycan xalqı heç bir vaxt öz hökumətinin əleyhinə olmaz. Fəxrəddinlərə gəldikdə, o kimi adamlar bir zaman bizə günəş və su kimi lazım olacaqlar. Toğrulun fikirlərini Hüsaməddin də təsdiq edərək Qətibəyə dedi: – Fəxrəddin və Nizami ilə olan düşmənliyiniz artıq öz əhəmiyyətini itirmişdir. Siyasət bəzən ata və oğul qanından sərfnəzər etməyi də məsləhət görür. Sizin mərhum atanızın qatili Fəxrəddin deyil, bütün Şimali Azərbaycan xalqıdır, bu bir, ikincisi, biz Atabəydən sonra Şimali Azərbaycan xalqına və onun sevimlisi olan Qızıl Arslana qarşı düşmən hərəkətə başlasaq, əleyhimizə çevrilən şayiələri təsdiq etmiş olacağıq. Hər şey öz vaxtında lazımdır. Hər şey əlverişli fürsət tələb edir. Siz bir ay əvvəl ələhəzrət Toğrulun taxta otura biləcəyini fikrinizə gətirə bilməzdiniz. Lakin fürsət ələ keçdiyi zaman ələhəzrəti Azərbaycan və İraq taxtında görməkdəyik. Nizamiyə gəldikdə, mən onu gənclikdən tanıyıram. O, heç bir zaman məmləkətin səadəti əleyhinə olmamışdır. Sizinlə onun arasında mövcud olan düşmənlik ancaq bir sevgi nəticəsində idi. Burada Nizami haqlı idi, çünki Nizami sizə sevgi elan etməmişdi. Sevgini siz elan etmişdiniz. Qəbul edib-etməmək ixtiyarı onda idi. Bunlar keçibdir, hazırda Qızıl Arslana bir məktub göndərərək qardaşının ölümünü ona bildirək. Onu Həmədana çağırıb hörmət göstərmək və ələhəzrətin tac-taxtına sədaqət göstərməsi üçün təminat almaq lazımdır. Bu qərar qəbul olundu. Qızıl Arslana məktub göndərmək işi ölən Atabəyin qadını olmaq münasibətilə Qətibə xatuna tapşırıldı. Qətibə məktubu düzəltdikdən sonra Toğrula və Hüsaməddinə oxudu: “Həşəmətmaab! Ailəmizə üz verən böyük və bədbəxt facieni sizə bildirməyə məcbur oldum. Düşmənlər böyük qardaşınız Atabəy Məhəmmədi bizim əlimizdən aldılar. O xəstələnmişdi, xəstəliyi o qədər də ağır xəstəlik deyildi. Həkim qan götürülməsini məsləhət gördü, dəllək çağırıb xəstədən qan götürülməsinə əmr etdik. Lakin düşmənin əl altından işləməsi bizə məlum deyildi. Qan götürüləndən iki saat sonra xəstənin halı dəyişdi. Artıq danışa bilmədi, ancaq Toğrulun taxta oturmasını və sizin öz yerinizdə möhkəm durmağınızı deyib dünyadan getdi. Həkimlərin təyin etdiyinə görə dəlləyin ülgücü zəhərli ülgüc idi. Buna görə də qatil dərhal edam olundu. Qardaşınızın başına gələn bu fələkət bütün xanədanımızın başına gələn bir fələkətdir. Bu müsibətdə cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. Əlbəttə, siz dünya görmüş və aqil insansınız. Ölüm hamı üçün vardır. Lakin Atabəyə qarşı düzələn bu sui-qəsd bir şəxsin həyatına deyil, bütün məmləkətin əleyhinə düzələn bir sui-qəsd idi. Bu münasibətlə kəmərinizi möhkəm bağlamalı və məmləkətin mühüm bir hissəsini idarə etdiyiniz üçün ehtiyatlı olmalısınız. Həşəmətmaaba bunu da xatırlatmaq istəyirəm ki, aralıqda bəzi şayiələr gəzməkdədir. Düşmənlərimiz bu qanın izini itirmək üçün sizin də adınızı çəkirlər. Buna görə də sizin Həmədana təşrif gətirməyiniz və ələhəzrət Toğrul ilə görüşüb, onun taxt-tacına gələcəkdə sədaqət göstərəcəyinizə dair təminat verməyiniz lazımdır. Ancaq iki qardaşın hökuməti məhəbbət və sədaqətlə idarə etməsi nəticəsində, bədbəxt olan qardaşınızın düşmənlərini və bu ölümün baislərini zahirə çıxarmaq mümkün olacaqdır. Xəlifədən gələn fərman və İraq xalqının müttəfiq iradəsi nəticəsində ələhəzrət Toğrulu Azərbaycan taxtına əyləşdirdilər. Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və ələhəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız. Ələhəzrətin rəsmən cülus edəcəyi gündə iştirak üçün Azərbaycandan nümayəndələr gəlməsinə lütfən diqqət verəsiniz. Həmədan, Qətibə xatun” Məktubu Hüsaməddin və Toğrul həddindən artıq bəyəndilər. Məktubu aparmaq və Qızıl Arslana təziyət vermək üçün bir heyət təşkil edib göndərdilər. Lakin bu məktubu göndərdikdən sonra yenə də Qızıl Arslan əleyhinə düzələn böhtan və şayiələrin arası kəsilmədi. Qətibənin tələbinə görə Toğrul Həmədanda məsul işlərdə olan azərbaycanlıları Atabəyin qətlində iştirak etmələri ilə töhmətləndirib həbsə aldırır və Qızıl Arslanın gələcəkdə tac-taxtdan məhrum edilməsi üçün zəminə hazırlayırdı. Qızıl Arslan Qətibənin məktubunu almadan qabaq Atabəyin qəfildən ölməsi xəbərini eşitmişdi. Hadisənin əsas mündəricəsi Qızıl Arslan üçün aydın idi. Buna görə də Həmədana getməyə tələsmədi və Qətibənin məktubunun cavabında yazdı: “Möhtərəm mələkə! Xanədanımıza üz verən müsibətin ağırlığını mələkənin hiss etdiyi qədər hiss edirəm. Bu barədə sizə şəxsən bəyan-təziyət etməyim lazım gəlirsə də, mərhum Atabəyin ölüm xəbəri münasibətilə məmləkətdə baş verən bəzi dedi-qodular, Həmədana gəlməyimə imkan vermədi. Hələlik Təbrizdən ayrılmaq ələhəzrətin hökuməti üçün məsləhət deyildir. Bunu Toğrul həzrətlərinə söyləməyinizi rica edirəm”. Məktub çox qısa və etinasız yazılmışdı. Qızıl Arslan Toğrulun cülus gününü təbrik etmək üçün Azərbaycandan bir nəfər də olsa göndərmədi. Çünki Azərbaycanda Toğrulun bir əcnəbi nümayəndəsi olduğuna dair geniş şayiələr gəzirdi. Qızıl Arslan Həmədanda oynanılan oyunların xaricilərin təsiri altında yaradıldığını beş barmağı kimi bilirdi. Buna görə də məmləkətin xilası üçün Cənubi və Şimali Azərbaycanda ciddi hazırlıq görməyə başlamışdı. Qızıl Arslan bu hazırlıqla paytaxta təsir yetirmək və Toğrulu qorxutmaqla əcnəbilərin himayəsindən ayırmağı düşünürdü. Xüsusən onun əleyhinə şayiə buraxılması və nəticədə Həmədanda olan azərbaycanlıların Qızıl Arslan tərəfdarlığı ilə töhmətləndirilib həbsə alınması Qızıl Arslanın mənliyinə olduqca fəna təsir bağışlamışdı. Əvvəlcə Qızıl Arslan Cənubi və Şimali Azərbaycanın mərkəzlə olan əlaqəsini tamamilə qırdı. Azərbaycan artıq paytaxt olaraq Təbriz şəhərini və bir hökmdar kimi Qızıl Arslanı tanıdı. Toğrul bu vəziyyəti gördüyü zaman təşvişə düşdü. Zira Azərbaycan olmadan Azərbaycan Atabəyi namına təşkil edilmiş bu səltənət, o qədər də uzun yaşaya bilməyəcəkdi. Lakin Toğrul Qızıl Arslanla anlaşmaq əvəzinə, Azərbaycanda nüfuza malik olan tək-tək adamlarla anlaşmaq və əlaqəyə girməyi düşündü. Əvvəlcə Fəxrəddinə belə bir məktub göndərdi: “Möhtərəm Fəxrəddin! Xudavəndi-aləmin köməyi, peyğəmbəri-zişənimizin mərhəməti, xəlifəyi-ruh-zəminin mübarək iradəsi nəticəsində Azərbaycan səltənəti öz həqiqi varisinin əlinə yetişdi. Hazırda Azərbaycanda yaşayan bütün sadiq təbəələrin öhdəsinə müqəddəs bir vəzifə düşür ki, o da hökmdarla birlikdə əl-ələ verib məmləkət xalqının səadətinə çalışmaqdan ibarətdir. Sizin nəsliniz öz qəhrəmanlığı və hökumət qanunlarına sadiq qalmasilə məşhurdur. Buna görə də sizə öz yanımda məsul bir xidmət vermək və sizinlə birlikdə xalqın səadəti uğrunda çalışmağı qərara almışam. Sizin həyatınızı təmin etmək üçün bir hökmdar kimi söz verirəm. Məktubun cavabını məktubu gətirən qasidlə göndərin. Toğrul” Toğrul Fəxrəddinə göndərdiyi məktubla bərabər böyük şair Nizamiyə göndərdiyi məktubunda yazırdı: “Möhtərəm şair! Sizə səmimi salam göndərməklə özümü xoşbəxt hesab edirəm. Bütün şad və məsrur dəqiqələrimi sizi xatırlamaq və sizin filosofanə əsərlərinizi oxumaqla keçirmişəm. Xudavəndi-aləm şahiddir ki, Şirvan xaqanı Əbül Müzəffərin sizin yazdığınız “Leyli və Məcnun” dastanına əhəmiyyət verməyib, sizi mükafatlandırmaması mənim xaqana qarşı olan məhəbbətimin azalmasına səbəb oldu. Böyük şair bununla ruhdan düşməməlidir, çünki hökmdarların keçirdiyi dəqiqələrin hamısı bir rəng və bir mündəricədə ola bilməz. Hökmdarların şadlığı və qəmginliyi məmləkətin vəziyyətindən və hadisələrin mündəricəsindən asılıdır. Ola da bilər ki, xaqanın bir hadisə nəticəsində kədərləndiyi dəqiqələrdə, yazdığınız qiymətli əsərinizi ona təqdim etmişsiniz. Mən çox arzu edərdim ki, böyük şair mənim üçün “Fərhad və Şirin” dastanını nəzmə çəkəydi. Dastan yazmaq və xalqların qəhrəmanlıq tarixini inandırıcı bir surətdə vermək üçün ancaq sizin sənətinizin qüvvəti çatar. Böyük şairi, özünün təsəvvür edə bilmədiyi bir surətdə mükafatlandırmağa and içirəm. Toğrul” Nizami Toğrulun məktubunu alandan bir neçə gün sonra Qızıl Arslandan da bir məktub aldı. Şair həddindən artıq sevindi, çünki Qızıl Arslanın yazdığı məktublar, heç bir zaman şəxsi və adi mövzular üzərində qurulmazdı. O, elmi və siyasi işlər üçün şairlə məktublaşardı. Qızıl Arslan məktubunda yazırdı: “Bir neçə müddətdir ki, böyük şairlə yazışmaqdan məhrum olmuşam. Siz bilirsiniz ki, mən qadınlar haqqında tamamilə başqa bir fikirdə idim. Hərgah yadınızdan çıxmamışdırsa, keçən payız göndərdiyim məktubların birisində Firdovsi şairin qadınlar haqqında fikrinə etiraz yazmışdım. Doğrusu, mən Firdovsinin “Zənü əjdaha hər dü dər xak beh; cahan pak əz in hər dü napak beh” kimi şerlərini o zaman heç bir vəchlə həzm edə bilmirdim. Buna görə də siz haman məktubun cavabında: “Mən sizin bu fikrinizin əleyhinəyəm. Əsərlərimdə qadınlardan qəhrəmanlar, hökuməti idarə edə biləcək iqtidarlı simalar yaradıram” – deyə qadının cəmiyyətdəki vəzifələrindən geniş bir surətdə bəhs etmişdiniz. O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. Mən o zaman düşündüm ki, bir şairin, bir yazıçının şüuruna başqasının fikrini yerləşdirmək xam xəyallardandır. Lakin Atabəy Məhəmmədin ölümü məsələsi məni yenə də əvvəlki fikrimin üzərinə qaytardı. Zənn edirəm bu qətlin təşkil edilməsi tarixini lazımınca öyrəndiyiniz zaman tamamilə mənim fikrimin üzərinə qayıdacaqsınız. Qətibəni bizim hansı birimiz tanımırdıq?! Hətta mənim bədbəxt qardaşım Atabəy Məhəmməd də evləndiyi gündən onu tanımağa başlamışdı. Lakin biz kişilər, daima qadınların sevgi və gözəllik pərdəsi altında gizlədilmiş tələsinə və tilsimine düşürük. Hətta bəzən bunu bilə-bilə aldanırıq. Hərgah şairin qəlbinə toxunmazsa, mən bir həqiqəti söyləmək istərdim. Zənn edirəm ki, şairlərin həqiqətdən acığı gəlməz. Mənə elə gəlir ki, Qətibə xatun qızlıq zamanı şairə sevgi elan etdiyi zaman, şair başqasının tilsiminə düşmüş olmasaydı, Atabəy Məhəmmədin düşdüyü tilsimə düşəcəkdi. Özünüz təsəvvür edin, kişilərin varlığında həqiqəti qadının zahiri görünüşündən aramaq xasiyyəti yoxdurmu? Möhtərəm şair! Yaxşı bir düşünün, görün sizin qəhrəman və hökumət idarəçisi simasında bəzəyib bizə təqdim etdiyiniz qadın bizim başımıza nə fələkət gətirdi! Qətibə öz şəxsi inadı nəticəsində bir xanədanı tamamilə məhv etmək oyunlarına başlamışdır. O, bir tərəfdən Bağdad ilə Atabəy Məhəmmədin əleyhinə saziş düzəltmiş, o biri tərəfdən də Xarəzmşah Təkiş xanla bir müqavilə düzəltmişdir. O, Toğrul ilə razılaşaraq, Atabəy Məhəmmədi öldürmək və Toğrulu taxta oturtmağı öhdəsinə götürmüş imiş. Bunun müqabilində isə Toğrul ona evlənəcək və hazırda Rey hakimi olan Qütlüğ İnancı vəliəhd elan edəcəkdi. Qətibə məmləkəti bölüşdürmək üçün İraq vətənpərvərləri ilə də əlaqəyə girmiş və paytaxtın Həmədandan köçürülməsinə imkan yaratmışdır. Möhtərəm şair bilməlidir ki, bu qadının gələcəyi Azərbaycan üçün çox qorxuludur. Toğrul vaxtilə Atabəy Məhəmmədə güzəştə getdiyi vərasət haqqını indi də Qətibəyə güzəştə getmişdir. Hazırda bu fəlakətin nəticəsində Azərbaycan ən qorxulu günlər keçirməkdədir. Onlar qapıları açıb düşmənləri bu məmləkətin içərisinə buraxmaq istəyirlər. Bu günlər paytaxta gedirəm, Toğrul və Qətibə məni paytaxta dəvət eləmişdir. Gedirəm, lakin Toğrulun əlini öpmək üçün yox. Mənim bütün səy və tələşım Qətibəni paytaxtdan uzaqlaşdırmaqdan ibarət olacaqdır. Hərgah bir az təxir etsəm, məmləkət xarəzmlilərlə iraqlıların arasında təqsim olunacaqdır. Sizə ikinci məktubumu Həmədandan yazacağam. Həmədandan mənə xəbər verildiyinə görə Toğrul sizə məktub göndərib “Fərhad və Şirin” dastanını yazmağı təklif etmişdir. Lakin o, göndərdiyi məktubunda azərbaycanlılarla əlaqəyə girməyi düşünmüşdür. Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. Lakin haman əsəri yazmağınızı tövsiyə edirəm. O əsər sizin yaradıcılığınızda ən birinci əsər ola bilər; çünki sizin təbiətinizdə sevgi və nəsihət mövzuları üçün inkaredilməz bir xüsusiyyət vardır. Hazırda başım elə qarışıqdır ki, elmi və bədii mövzulara vaxt ayırmağı bacarmıram. Lakin Toğrulun sifariş verdiyi “Fərhad və Şirin” dastanı haqqında bir neçə söz yazacağam. Mənə elə gəlir ki, dastanın sərlövhəsini “Fərhad və Şirin” deyil, “Xosrov və Şirin” qoymaq lazımdır. Çünki Fərhad-Şirin mövzusu o qədər də geniş bir mövzu deyildir. Zənnimə görə, Xosrov-Şirin mövzusu daha geniş mövzudur. Burada cəbhə o qədər genişdir ki, şairin təbi istədiyi qədər at oynada bilər. Xüsusən siz bunu başqa dastanlarınızda da göstərə bilmişsiniz. “Xosrov və Şirin” dastanında məmləkətdarlıq və rəiyyətpərvərlik üçün lazım olan mövzuların hamısını yerləşdirə bilərsiniz. Orada hökmdarların zülmündən, zülmün nəticələrindən və sairlərdən istədiyiniz qədər yaza bilərsiniz. Eyni zamanda, səmimi sevgini Xosrovda deyil, bədbəxt Fərhadda göstərə bilərsiniz. Şübhəsiz ki, bunlar mənim öz düşüncəmdir. Şairə heç bir göstəriş vermək xəyalında deyiləm. Şair çox yaxşı bilir ki, mən heç bir zaman şəxsi işlərimdən ötrü sizə zəhmət verməmişəm. Lakin bu məktubda məmləkət və vətən namusunu nəzərdə tutaraq sizə zəhmət vermək istəyirəm. Azərbaycanlılar mənim Həmədan səfərimdə iştirak etməlidir. Biləks, iraqlılar və xarəzmlilər bizi ən yaxın bir zamanda Bağdad qapılarından və Azərbaycanın tarixi paytaxtından qovacaqlar. Siz bilirsiniz ki, biz İraq və Həmədanı itirməklə Azərbaycanı müstəqil yaşada bilmərik. Bu bizim üçün siyasi və iqtisadi bir ölüm deməkdir. Əvvəla, Həmədan Azərbaycandır. Onlar dil etibarilə də bizimdir. İkincisi də, biz Bağdad qapısından çəkilərsək, o zaman Azərbaycan şimal və cənub ticarətinin vasitə mərkəzi olmaq əhəmiyyətini itirəcəkdir. Mənim Həmədana azərbaycanlıların qüvvətilə getməyim lazımdır. Bu qüvvət yanımda olduğu zaman müvəffəqiyyət qazana bilərəm. Biləks onlar məni həbsə aldıra bilər, məhv edər, kor da edərlər. Rica edirəm, siz bunu Fəxrəddinə anladın... Təbriz, Qızıl Arslan” * * * Aldanış Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. Qətibə Hüsaməddinə, Toğrul isə Qətibəyə verdiyi vədələrə əməl edə bilmədi. Toğrul öz sarayına çəkilib hökumət işləri ilə məşğul idi. Qətibə onunla görüşməyə imkan tapa bilmirdi. Toğrul bütün qüvvətilə Qətibənin gözünə görünməmək və öz iradəsini onun təsirindən qurtarmağa çalışırdı. Toğrul heç bir vaxt Qətibənin nəsihətlərini eşitmək və ona əməl etmək istəmirdi. Toğrul nə qədər sərxoş və əyyaş bir hökmdar olursa olsun, eyni zamanda məmləkətinə etdiyi xəyanəti müəyyən çərçivədən kənara çıxarmaq xəyalında deyildi. Toğrul öz ailəsini Həmədana köçürmüş, oğlu Məlikşahı vəliəhd etmiş və Qətibəyə evlənməklə onun oğlu Qütlüğü vəliəhd elan edəcəyinə dair verdiyi əhd-peymanı tamamilə unutmuşdu. Qətibə nə qədər çalışdı isə Toğrulu azad bir yerdə görüb sözlərini deyə bilmədi. Nəhayət, o xəstələndiyi üçün, Toğrula belə bir məktub göndərdi: “Əlahəzrət! Ağır surətdə xəstələnmişəm. Bəzi işlərimdən ötrü əlahəzrəti görmək istərdim. Qətibə xatun” Toğrul doğrudan da onu xəstə hesab edərək, Atabəy sarayına gəldi. Lakin saraya gələndən sonra, onun cismani xəstəliyə yox, siyasi xəstəliyə tutulduğunu gördü. Qətibə Toğrulu gördüyü zaman şiddətlə ağladı, lakin göz yaşlarının Toğrula təsir etmədiyini, ondan təskin, təsəlli və nəvazişlər eşitmədiyini görincə daha ağlamadı. Göz yaşı bir silah olaraq Toğrula əsər etmədiyindən bütün kin və inadını gözlərinə yığıb Toğrulu süzdü: – Mənim gözlərimin içinə yaxşı bax, – dedi, – görünür ki, sən məni yenə də lazımınca tanımadın. Bir qadın səni taxta oturtmağı bacararsa, taxtdan düşürməyi də bacarar. Sən bu sözləri daima qulağında saxla. Mən olmasaydım, sən yenə də Atabəy Məhəmmədin əlinə göz dikəcəkdin. Səni əlahəzrət mərtəbəsinə çıxaran mən oldum. Biləks, sən yenə də haman səfil və haman sərxoş idin. Nankor! Sən bu dodaqlara and içməmişdinmi? Sən mənim oğlumun vəliəhd elan ediləcəyinə vədə verməmişdinmi? Mən sənin üçün nələr etmədim... Mən olmasaydım, səni xəlifə Nəsirəddinbillahın qapısından içəri buraxardılarmı? Mən olmasaydım, Atabəy Məhəmməd sənin gözlərinə mil çəkdirməmişdimi? O gözlər mənə minnətdardır. Sən heç utanmayaraq, yenə də mənim gözlərimə baxırsan. Mənim mükafat verdiyim zaman əlim çox açıqdır. Lakin mükafatı geri aldığım zamanda da həddindən artıq xəsisəm. Sən, Bəhram şahla, Xarəzmşahlar və iraqlılar ilə bağladığımız müqaviləyə əməl etməlisən. Onlara verilən vədə yerinə yetirilməlidir. Dodaqlarıma içdiyin anda əməl olunmasını tələb edirəm. Toğrul qəhqəhə ilə gülərək, Qətibəyə cavab verdi: – Sərxoşluqda danışılan sözləri ayıq ikən xəyala gətirməyin özü də bir sərxoşluqdur. Bir dəfə sən mənim, bir dəfə də mən sənin dodaqlarından öpdüm. Gözəl qadın, qızğın şəhvət və qırmızı şərabın qarşısında verilən vədələrin nə kimi bir etibarı ola bilər? Onda mən səfil idim, indi isə əlahəzrətəm. Onda sən möhtəşəm bir mələkə idin, indi isə aldanmış və ərini öldürmüş bir qadınsan. Həm də yalançısan. Sən xatırla, gör mən səni son dəfə öpdüyüm zaman nə demişdin? – Mən sənə heç bir söz dəməmişdim. – Əcəba, sən bu qədər yüngül bir qərarı yadından çıxardığın halda, mən o qədər böyük vədləri unutmağa haqlı deyiləmmi? – Mən verdiyim vədələri heç bir zaman unutmaram. – Sən mənim qollarımın arasından sıçrayıb çıxdığın zaman “dalısı sonra” dəməmişdinmi? – Demişdim. – Hələ o “sonra”nın vaxtı gəlməmişdirmi? – Xeyr, hələlik gəlməmişdir. Əcəba, öz ərimi öldürüb səni taxta əyləşdirməyim kifayət olmadımı? – Taxta əyləşmək kifayət deyil, taxtı özümə təhkim etmək üçün yenə də çalışmaq lazımdır. Qızıl Arslan hələ diridir. Bu gün mən səninlə izdivac edər və oğlunu Azərbaycan vəliəhdi elan edərsəm, sabah xalq Atabəy Məhəmmədin qanının məsuliyyətini mənim öhdəmdə qoyub bu məmləkətdən sürgün edər. O zaman sənin mənə verdiyin taxt-tacın ömrü çox az olar. Sənə sual verirəm: biz bu tezliklə evlənərsək, bu tezliklə sənin oğlunu vəliəhd elan edərsək, Qızıl Arslan buna nə kimi bir nəzərlə baxa bilər? Bizim bu izdivacımız Qızıl Arslana qarşı bir ittifaq kimi təbir edilməzmi? Sən bu tələsməklə Şərqdə ikinci bir rüsvayçılığa səbəb ola bilərsən. Sən heç bir vaxt mənə minnət qoyma. Hərgah mən bu taxt-taca sahibləndimsə, öz həqiqi irsimə sahibləndim. Sən “Toğrula taxt-tac verdim” – deyə məğrur olma! Sən bir xanədanın başçısını məhv etdin. Mən sənin məmləkət düşmənlərinə verdiyin vədələrə vəfa edə bilməyəcəyəm. Tutaq ki, Fars və Kirmanı Bəhram şaha verdik, bir saatlığa sənin sözünə baxıb Xorasan və Mərvi Xarəzmşahlarına güzəştə getdik, Mosil, Həmədan və Bağdad qapılarına qədər iraqlılara bağışladıq. O zaman bu taxt-tacı harada qurmalıyıq? Qətibə heç düşünmədən: – Azərbaycanda! – dedi. – Azərbaycan bizim deyil. Orada Qızıl Arslan kimi hökmdar vardır. O bir dəfə “atlanın!”, – desə, Azərbaycandan yüz min atlı səfərə çıxar. Mən inkar etmirəm. Sən qardaşımı öldürdün, onu bizim əlimizdən aldın. Yerində isə Toğrulun oturmasına səbəb oldun. Lakin onu bil ki, Toğrul heç bir zaman Atabəy Məhəmməd ola bilməyəkdir. Mən onu öz yerimdə qoyduğum zaman onun məmləkət üçün dəyərli bir hökmdar olduğunu nəzərə almışdım. Lakin iki şey məni onunla dostanə yaşamağa qoymadı: biri həsəd, ikincisi isə, bu məmləkətin düşmənləri. İndi özün yaxşı mülahizə et, sənin özün o düşmənlərin cərgəsində deyilsənmi? Sənin məmləkətə vurduğun zərbəni nə iraqlılar, nə də xarəzmlilər vura bilməzdi. Mən səndən çox rica edirəm ki, mənim taxt-taca yetişməyimə kömək etdiyini xatırlatdığın zaman qardaşımı öldürdüyünü tez-tez xatırlatma. Bu, bizim dostluğumuzun pozulmasına səbəb ola bilər, çünki o mənim əziz qardaşım və anamın oğlu idi. Biz bu məmləkəti onun qılıncının sayəsində ələ gətirmişdik. Qətibə Toğrulun danışdıqlarına çox böyük əhəmiyyət verdi, çünki bu sözlərlə Toğrulun onu təhdid etdiyini anlayırdı. O bu təhdiddən təkan yedi, çünki Toğrul onu qardaşının qətlində töhmətləndirib məhv etdirə də bilərdi. Lakin Qətibə onun: “Mənim qardaşımı öldürdüyünü tez-tez xatırlatma, bu bizim dostluğumuzun pozulmasına səbəb ola bilər, çünki o mənim qardaşım və anamın oğlu idi” – deməsini cavabsız qoya bilmədi və istehza ilə: – Əlahəzrət zəhərli ülgücü hazır etdiyi zaman Atabəyin qardaşı və anasının oğlu olduğunu düşünməli idi, – dedi. Qətibənin bu sözündən sonra Toğrul söhbətin ahəng və mündəricəsini tamamilə dəyişdi: – Əvvəla, bu cinayət sənin və ya mənim tərəfimdən baş versə də, bir xəyanətdir. Çünki biz bununla nə şəxsi, nə də ümumi vəziyyəti dəyişdirə bilməzdik. Lakin xəyanət həyata keçəndən sonra bizim bir-birimizi təqsirləndirməyimiz hər ikimizin məhvinə səbəb ola bilər. Qətibə onun sözünü yarımçıq qoyaraq: – Bunun üçün vədələrə vəfa olunmalıdır, – dedikdə, Toğrul cavabında: – Bu ancaq, vəziyyət tamamilə təmin ediləndən sonra mümkündür, – dedi. – Əcəba, sənin əlahəzrətlik mərtəbəsinə yetişdiyin, vəziyyətin təmin olunması kimi mənə edilmirmi? – Xeyr, edilmir, çünki hələlik Qızıl Arslanın nə düşündüyü məlum deyildir. Hər şey bu vəziyyət aydınlaşandan sonra bəlli olacaqdır. Vədələrim yerində qalır, həyata keçirilməsi üçün əlverişli bir zaman gözləməliyik. O dodaqlara and içmişəm, yenə də içirəm. Toğrul bunu deyərək, dodaqlarını Qətibənin dodaqlarına dayadı, lakin hər iki dodaq bir-birini aldatmaq istədiyini bilirdi. O dodaqlar bir-birindən ayrıldığı zaman titrəyirdi, o titrəyişlər bir məna və bir mündəricə daşıyırdı. O dodaqların ikisi də bu sözü deyirdi: “Nə qədər ki, sən sağsan, mən diri qala bilməyəcəyəm”. * * * Qətibə Toğrul ilə münasibəti aydın elədikdən sonra özünün tamamilə aldandığını və böyük səhv buraxdığını anladı. O, başqalarını öz məqsədinə alət etmək istərkən, özünün ucuz bir alət olduğunu hiss edərək hönkür-hönkür ağladı. Lakin gec idi. O bir daha Atabəy Məhəmmədi dirildə bilməyəcək idi. Bir daha böyük bir padşahlığın mələkəlik şərəfini mənimsəməyi bacarmayacaqdı. Onun istinad edəcəyi bir kimsə qalmamışdı. Onun ümidi iki nəfərə idi: onlardan birisi Hüsaməddin, o birisi də azad etdiyi cariyəsi Səba xanım idi. Lakin Hüsaməddin ondan küsmüş, Səba xanım isə Atabəy Məhəmmədin ona bağışladığı Qasımabad malikanəsində oturub özü üçün saray tikdirməklə məşğul idi. Hüsaməddin tamamilə Toğrul tərəfinə keçmişdi. Toğrulun silahlı qüvvələri tamamilə Hüsaməddinin əlində idi. Qətibənin ona təkrar-təkrar: “Ancaq Atabəyi öldürəndən sonra məni öz qollarının arasında görəcəksən” – deyə verdiyi vədələr yalan çıxmışdı. Onun Toğrula ərə getmək istədiyini bildiyi zamandan bəri Hüsaməddin Qətibədən kənar çəkilmiş və ona qarşı intiqam hissləri bəsləməyə başlamışdı. Qətibə vəziyyəti düşündüyü zaman, Hüsaməddinə göstərdiyi etinasızlığı özü üçün ikinci və böyük bir səhv hesab edirdi. O düşünürkən hələ qızlıq vaxtında Hüsaməddinin dediyi bir cümləni xatırladı: “Sən mənim olmasan da, heç bir kəsin olmayacaqsan!” Bu sözlər Qətibənin qulağında bir daha cingildədi. O, Hüsaməddinlə görüşmək üçün vasitə aramağa başladı. Lakin Hüsaməddin Toğrulun şübhələrini oyandırmamaq üçün Qətibə ilə görüşmək və onun dəvətlərini qəbul etməkdən boyun qaçırırdı. Günün birində Qətibənin gözətçi qoyduğu cariyə Hüsaməddinin Atabəy bağında gəzdiyini xəbər verdi. Qətibə dərhal geyinib bağa düşdü. Hüsaməddin qoca bağbanla danışıb ondan soruşdu: – Mələkə bağın səyahətinə tez-tez gəlirmi? – Atabəy öldüyü gündən bəri onu bağda görməmişəm. Onda bağ səyahətinə çıxacaq bir şadlıq qaldımı? Bu zaman Qətibə gəlib hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. Hüsaməddin geri dönərkən mütləq Qətibəyə təsadüf etməli idi, çünki çıxıb getmək üçün Qətibə duran yerdən başqa yer yox idi. Hüsaməddin qoca bağbana bir neçə gümüş pul verib getmək istərkən, Qətibəni cariyələrlə birlikdə görüb baş endirdi və salam verdi. Qətibə başını qəmgin bir surətdə qaldırıb Hüsaməddinə baxdı və: – Əleykəssalam, – dedi, – lakin onu bilməlisən ki, gizlənməklə vicdandakı ləkələr təmizlənməz, ləkələri təmizləyə biləcək bir maddə varsa, o da sədaqət və əhdə vəfa etməkdən ibarətdir. Qətibənin bu sözündə cariyələr getdi, Qətibə isə sözündə davam elədi: – Bir qəhrəman vicdanına malik ola bilmədinsə, heç olmasa bir qadın vicdanına malik olaydın. Sən də, sənin padşahın da, müştərək icra etdiyiniz xəyanətin məsuliyyətini bir qadının öhdəsində qoymaqmı istəyirsiniz? Mən bu gün istərsəm, sabahın özündə o qılıncı sənin belindən açdıra bilərəm. Sən nə olduğunu özün də bilirsən. Toğrulu padşah eləyən, səni də ordu sərkərdəsi edən həmin bu qadındır. Bu qadın o qədər də yazıq bir qadın deyildir ki, sən və Toğrul kimi acizlər öz xoşbəxtliyini onun bədbəxtliyi üzərində qursunlar. Ərimin qatilləri! Qətibə üzünü çevirib getmək istərkən Hüsaməddin onu titrək bir səslə səslədi: – Mələkə, rica edirəm dayanın, – dedi. Qətibə dayandı və sual verdi: – Mələkəni mələkəlikdən saldığınız bəs olmadımı? İndi daha məndən nə istəyirsiniz? O padşah, sən də sərkərdə. Bəsiniz deyilmi? Atabəy Məhəmməd ölmüşdür, Qızıl Arslan ki, ölməmişdir! Hüsaməddin yenə də yalvarıcı bir vəziyyət alıb dedi: – Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir? Onu mənə deyə bilməzmisiniz? Hüsaməddin nə zaman mələkənin sərəncamında olmamışdır? Mən daima mələkənin buyruqlarını özüm üçün qanun hesab etməmişəmmi? – Hərgah sözlərin doğrudursa, nə üçün mənim yanımdan ayağını çəkdin? Əcəba, sən mənim əlimdən öpmək üçün bütün gecələri yalvarıb-yaxaran Hüsaməddin deyildinmi? – Madam ki, mələkə Toğrula ərə getməyə hazırlaşır, o zaman mənim mələkəyə yaxın gəlməyim padşahın şərəf və namusuna təcavüz etmək deyildirmi? Qətibə gülərək cavab verdi: – Bir padşahı öldürdün, həyatına təcavüz etdin, indisə mənim əlimdə oyuncaq olan bir acizin şərəf və namusunu nəzərə alırsan? Bu sözləri Qətibə saraya döndüyü zaman deyir, Hüsaməddin isə onunla bərabər gedirdi. O, sarayın qapısında dayandığı vaxt Qətibə ona əmr etdi: – İçəri buyurun, möhtərəm sərkərdə, sizinlə bir qədər işim vardır. Onlar birlikdə pilləkənlərdən yuxarı qalxdılar. Qətibə onu salonda buraxıb otağına keçdi. Hüsaməddin salonda o tərəf-bu tərəfə dolaşaraq düşünür və öz-özünə deyirdi: “Yaşı qırxa yetişdi, həyatı iyirmi ildən bəri hadisələr, hiylələr, macəralar içərisində keçir, bütün fikri cinayətlərdən ibarət olan bu qadın yenə də dəyişmədi, çöhrəsində olan gənclik nişanələri çəkilmədi. Məğrur baxışları hələ sönməmişdir. Ona baxdığım zaman, onun səsini eşitdiyim zaman mən yenə də aldanıram. Çünki kişinin ilk sevgisində təbii bir inad vardır. O, birinci sevgisini heç bir zaman unuda bilməz. Səba xanım bundan daha dilbər, daha gözəldir. Lakin o mənim qollarım arasında olduğu zaman, yenə də mən Qətibəni qucaqladığımı hiss edirəm. Çünki mənim qanımın içərisində gəzən və ürəyimin hərəkətinə səbəb olan qüvvət, onun sevgisinin yaratdığı qüvvətdir”. Qətibə salona daxil oldu. Libasını dəyişmişdi. O, birinci dəfə bu libasda Hüsaməddinə görünmüşdü. Buna görə Hüsaməddin də daima Qətibəni xatırladığı zaman bu libasda xatırlayırdı. Qətibə gəlib oturdu, Hüsaməddinə əmr verdi: – Gəl otur, – dedi, – sən əbəs yerə mənim Toğrula ərə getməyim barəsində düşünürsən. Əcəba, sən məni tanıdığın halda, Toğrul kimi bir səfilə ərə gedəcəyimə inanırsanmı? Sən nə üçün öz əvvəlki fikrini buraxdın?.. Mənə, qız ikən dediyin yadından çıxdımı? – Mən mələkəyə minlərcə söz demişəm. Onların hamısını xəyalda saxlamaq olurmu? Bizim eşqnamə yazılsaydı, böyük bir kitab olmazdımı? – Gəncədə mənə son dəfə acıqlandığın yadında deyilmi? Hüsaməddin bir qədər düşünərək: – Harada? Nə vaxt? – Mən Məhşəti xanımı istiqbal etmək üçün taxt-rəvanda gedirdim. Sən də atını mənim taxt-rəvanımın yanınca sürürdün, xatırladınmı? – Bəli, xatırladım, lakin nə dediyimi xatırıma gətirə bilmirəm. – Mən o gün sənin sevgi təkliflərini rədd etdim. Sən acıqlanıb: “Sən mənim olmasan da, heç bir kəsin olmayacaqsan!” – dedin. Hüsaməddin haman günü xatırlayaraq güldü və fikrə gətirdi. Gəncliyin əlvan tabloları yenə də öz cəzbedici pərdəsini Hüsaməddinin qarşısında açdı: ... Gəncə çayının altından Xanəgah kəndinə qədər bütün yollar əlvan ipək örtüklü taxt-rəvanlarla dolmuşdu. Qətibənin çöhrəsi mavi ipək pərdənin dalından günəş kimi parlarkən, Hüsaməddin atını məhmizləyib taxt-rəvana yanaşdı, Qətibə isə nazlanaraq soruşdu: – Möhtərəm Hüsaməddin, mənim fikrimi soruşmaq üçünmü gəldin? Hüsaməddini iyirmi il əvvəl eşitdiyi səs bir daha diksindirdi. Qayıdıb Qətibənin üzünə baxarkən, yenə də Qətibənin haman dəyişməz və solmaz Qətibə olduğunu və sevgisinin də haman iyirmi il əvvəlki coşqun sevgi olduğunu gördü. Hüsaməddin qəlbini bu hiyləgər və məkkarə qadının əlindən dartıb almaq üçün çox çalışdı, lakin qəlb yenə də inad göstərməyə başladı. Ağlı və şüuru ilə ürəyini barışdıra bilməyərək, qollarını açıb Qətibəyə tərəf qoşdu və özünün xəbəri olmadan belə ağzından bu sözlər çıxdı: – Çıxacaq yolu yoxdur. Qəlbim mənim dalımca getmir, sanki o, başqasının iradəsi ilə çırpınır, sanki təbiətimdə başqa bir təbiət hakimdir. Mən indi bilirəm ki, sevgi ilə azadlıq bir yerdə yaşaya bilməz. Hüsaməddin bunları dodaqlarından püskürüb aralığa tökəndən sonra, Qətibəyə tərəf dönüb məhzun bir halda: – Bəli, gözəl mələkə, o zaman dediklərimi xatırlayıram, – dedi. Qətibə isə onun dodaqlarından öpərək: – İndi isə mən sənin o zaman dediklərini dəyişərək başqa cür demək istəyirəm, icazə verirsənmi? – dedikdə, Hüsaməddin də onu öpərək: – O ixtiyar sevimli mələkənin özündədir, – deyə cavab verdi. Qətibə özünə məxsus göz yaşlarından bir-iki damcı buraxaraq and içdi: – Hüsaməddin, mən sənin və oğlumun canına and içirəm: mən heç kəsin olmayacağam, ancaq sənin olacaq və sənin üçün yaşayacağam. Qətibə bu sözləri deyəndən sonra Hüsaməddinin boynundan asılaraq dodaqlarından öpdü. Lakin bununla Qətibə kifayətlənmədi, onu bir qədər də qorxutmaq istədi və yavaşdan: – Bilirsənmi mənim əzizim, – dedi, – bizim Toğrulu taxt-taca yetişdirmək üçün çəkdiyimiz zəhmətlər müsbət nəticə verməyəcəkdir. O hələ indidən bizə xəyanət etməyə başladı. Bu saat o istərsə, bizim ikimizi də məhv edə bilər. Buna görə ehtiyatı əldən buraxmaq lazım deyil. Biz onun Atabəyin qətlinə səbəb olduğunu yeri gəldikcə özünə xatırlatmalıyıq. O, fil xasiyyətli bir adamdır. Bir nəfər onun belində oturub çəkic ilə başına vurmazsa, o öz adi yerişini itirə bilər. Qoşunun arasında onun əleyhinə təbliğat aparmaq lazımdır. Biz əsas təbliğatımızı onun nüfuzu əleyhinə çevirməliyik. Nüfuzlu adama diz çökdürmək çətindir. Bizim xoşbəxtliyimizin baş tutması bir neçə dəqiqənin işidir. Lakin o xoşbəxtliyi davam etdirmək barəsində düşünməliyik. Sən onu bil ki, mənim Atabəy Məhəmmədə təslim etdiyim şeylər arasında qəlbim yox idi. Onu saxlamışam, onu sənə təslim edəcəyəm, ona səndən də layiq adam görmürəm. Əziz dostum, həyatda sıçramaq qorxulu bir cəsarətdir. Mərtəbələr tədrici bir surətdə qazanılır. Mən öz həyatımda bu həqiqəti indi-indi anlamağa başladım. Ucalmağa tələsməklə alçaqlığa tələsmək bir məna və bir mündəricədədir. Sənə bir daha tapşırıram, Toğrul bizi yaxalamadan, biz onu yaxalamalı və təslim etdirməliyik. Hüsaməddin ancaq qısa və qəti olaraq: – Mələkənin bütün dedikləri mənim üçün qanundur, – söylədi. * * * Dönüş Atabəy Məhəmməd öləndən sonra Azərbaycanın dövlət təşkilatı böyük bir qorxu altına düşdü. Qətibənin Xarəzmşahlarla olan sazişi nəticəsində Rey məmləkəti Xarəzmşahlara, İraq məmləkəti isə iraqlılara keçirdi. Rey verildikdən sonra İraq məsələsindən bəhs etmək lazım gəlmirdi. Çünki Rey xarəzmlilər tərəfindən alındıqdan sonra Cənubi Azərbaycanın mühüm bir hissəsi də Həmədanla bərabər Azərbaycan atabəyliyindən ayrılırdı. Qızıl Arslan bu qorxunu birinci gündən hiss edirdi. Bunun üçün şimali azərbaycanlılara müraciət edib kömək istəmişdi. Fəxrəddin yenə də əvvəlki fikrini meydana sürmüşdü. O, Araz çayını sərhəd təyin edib nə Qızıl Arslan, nə də başqalarını Şimali Azərbaycan torpağına buraxmaq istəmirdi. Şimali Azərbaycanın gənc və ziyalı qüvvələrindən bir çoxu bir fikrin üzərində dayanmışdı. Vəziyyət getdikcə gərginləşirdi. Siyasi vəziyyətdən xəbərdar olan hər bir kəs Şimali Azərbaycanın başlı-başına buraxılması işinə siyasi və tarixi bir xəyanət kimi baxırdı. Xalq Səlcuq camesinə yığışmışdı. Bütün xalqın dilində: “Qızıl Arslana kömək verməyəcəyik, Araz çayı sərhədimizdir. Onu qanımızla, canımızla müdafiə edəcəyik” – sözləri idi. Fəxrəddin məsciddə ayaq üstündə durub bu fikrin əleyhinə danışanları gözdən keçirir və öz fikrinin həyata keçirilməsinə imkan yaradırdı. Fəxrəddinin bu fikrini tənqid edənlərin başında onun öz silah yoldaşı Əlaəddin dururdu. Buna görə də iki zidd fikri müdafiə edən yoldaşların arasında qanlı vuruşmalar baş verməsi ehtimalı da var idi. Çünki hər iki dəstənin silahlı tərəfdarı Məlikşah meydanına yığılıb öz rəhbərlərinin qərarını gözləyirdi. Fəxrəddin sevinirdi, çünki Nizami xəstə olduğu üçün məscidə gəlməmişdi. Əvvəla, məsciddəkilərin əksəriyyətlə Nizamiyə hörmət bəslədiyi və onun fikrinin əleyhinə çıxışda bulunmayacağı bəlli idi. İkincisi də, Fəxrəddinin şəxsən Nizaminin məsləhətlərindən boyun qaçıra bilməyəcəyi hamı üçün aydın idi. Fəxrəddinin dəstəsi qalib gəlmək ərəfəsində idi. Fəxrəddin nə qədər mümkünsə qərarın tez çıxarılmasına tələsirdi; çünki o, Nizaminin xalqın iradəsi əleyhinə gedə bilməyəcəyini də bilirdi. Böyük və parlaq bir məşəlin işığı qaranlığın qalın köynəyini yaran kimi, xalqın qalın dəstələri də yarıldı, sanki onlar məscidə daxil olan möhtərəm bir şəxsiyyətə yol açmağa tələsirdilər. Bir anda xalqın nəzəri bir nöqtəyə çevrildi. Hər kəs Nizaminin gəldiyini görüb sevindi. Nizaminin bir qolundan oğlu Məhəmməd, o biri qolundan Əlaəddin tutub minbərin yanına gətirirdi. Fəxrəddin Nizamini gördüyü zaman bütün ümidləri qırıldı. Çünki Nizaminin ayrılma fikrinə düşmən olduğunu bilirdi. Qızıl Arslan məktub göndərdiyi gündən bəri Nizami təkbaşınalığın əleyhinə idi. O, atabəyliliyin, olduğu kimi müdafiə olunması tərəfdarı idi. Nizami bir qədər oturub dincini aldı, çığır-bağır və qışqırtılardan ibarət olan bu gurultulu yığıncağa böyük bir pərdənin şəkilləri kimi səssiz-səmirsiz baxırdı. Nəhayət, Nizami dincini alandan sonra ayağa qalxdı, minlərcə adamın göz qapaqları qalxdı, kirpikləri süngü kimi havaya dikəldi. O, sözünü belə başladı: – Mən xəstə idim, sizin bu yığıncağınızın tarixi və siyasi əhəmiyyətini xatırladığım üçün xəstəliyi unutdum. Məmləkət və xalq məsələlərini həll etmək, şahmat oynamaq kimi dərin və diqqətli bir düşüncə tələb edir. Oyun bir müharibədir. Səhv olaraq bir nöqtəni düşmənə uduzdunsa, yalnız bir cəbhəni deyil, bütün bir məmləkəti uduzdun deməkdir. Bunun üçün də mən xəstəlik yatağından qalxıb sizin bu yığıncağınıza gəlməyə məcbur oldum. Mən bir şair olduğuma baxmayaraq şahmat taxtasından az-çox başım çıxır. Fəxrəddin mənim məktəb yoldaşımdır. Həm də uşaqlıq və gənclik dostumdur. Mən onu sevdiyim qədər, o da məni sevir. Mən də, o da bu sevgini işdə göstərmişik. Doğrudur, bizim götürdüyümüz yol ayrıdır, o qılıncı götürdü, mənsə qələmi götürdüm. Lakin mənim dostum elə bilməsin ki, mənim qılınc və siyasət işlərindən başım çıxmır. Ayrılıq və təkbaşınalıq yolu ölüm və fəlakət yoludur. Bu gün biz Şimali Azərbaycanı Cənubdan ayırmaq istərsək, düşmənlərimiz bizə öz istədiyimiz qədər mükafat verə bilər. Onların istədiyi də budur. Əcəba, vəziyyət bu mərkəzdə durduğu zaman mənim dostum Fəxrəddin nə kimi bir nöqtəyə istinad edir? Mən onun fikrini bilmək istərdim. Nizami bunları deyərək sakit oldu. O, Fəxrəddindən cavab gözləyirdi. Xalqın gözləri bir daha Fəxrəddinin ağzına dikildi. Fəxrəddin qalxıb danışdı: – Azərbaycan atabəyləri adlarını Azərbaycan Atabəyi qoysalar da, onlar yenə də istilaçılardır, – dedi. Məscidin bir hissəsindən: – Doğrudur, – səsləri eşidildi. Nizami bu səsləri eşitdiyi zaman gülümsəyərək: – Biz məmləkəti nə Qızıl Arslan, nə də Toğrul üçün müdafiə etmirik. Biz onu, Azərbaycanın bütünlüyü və toxunulmazlığı üçün müdafiə etməliyik. Qızıl Arslanın əcnəbi istilasına qarşı başladığı mübarizə yuxarıdakı fikrimizə tamamilə müvafiqdir. Bizim köməyimiz olmadan Qızıl Arslan Azərbaycan dövlətini Əmir İnanc qızı Qətibənin macərasından xilas edə bilməyəcəkdir. Bizim gözümüz baxa-baxa məmləkətimizi hərrac edib əcnəbilərə satırlar. Fəxrəddin bilməlidir ki, yalnız məmləkətin bir parçası deyil, bütün məmləkət haman satışa daxildir. Fəxrəddin yenə də Nizamiyə cavab verərək dedi: – Atabəylər bu gün zəifləmişlər. Biz onların böyük ordu ilə Azərbaycana hücum etdiklərini görmüşük. Mənim möhtərəm dostumun özü də Atabəy Məhəmmədin qanlı teştinin qarşısında oturmuşdur. Onun Atabəy Məhəmməd tərəfindən yandırılan kitabxanasının külləri küləklər indi belə fəzada gəzdirməkdədir. Onların başını əzmək üçün bundan da əlverişli fürsət ələ düşməz. Bir az sonra onlar güclənərsə, yenə də bizə ikinci üzlərini göstərəcəklər. Biz ilanın dil çıxarıb göstərməsini yalvarmaq kimi mənə etməməliyik. İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. Mənə elə gəlir ki, biz Eldəniz oğlanlarının bu vuruşmalarına qarışmamalıyıq. Qoyun onlar bir-birini söysün, birisi aralıqda məhv olursa, ikincisini də biz döyüb siyasət səhnəsindən qova bilərik. Ondan sonra hər kəs hökumət başına keçəcəksə keçsin, yenə də o, Eldəniz oğlanlarından zalım olmayacaqdır. Fəxrəddinin sözləri məsciddə böyük təsir bağışladı. Hətta Əlaəddinin dəstəsindən də: “Belədir, doğru deyir” səsləri eşidildi. Nizami vəziyyətin ciddi olduğunu təyin etdi, məsciddə fikri dönüş yaratmağın çətin olduğunu hiss elədi və üzünü məscid xalqına tutub dedi: – Bizim məmləkətimizi Eldəniz oğlanlarının əlindən almaq üçün gələnlərin Eldəniz oğlanları ilə heç bir şəxsi düşmənçilikləri yoxdur. Mən sizə söz verirəm ki, onlar bu məmləkəti işğal edərkən Eldəniz oğlanlarını əsir götürərlərsə, onlara hörmətdən başqa heç bir şey etməzlər. Çünki onların məqsədləri bizim bu zəngin məmləkətimizi işğal etməkdir. Mən bilsəydim ki, Eldəniz oğlanları bir-birini məhv edənə qədər bizim məmləkətimiz toxunulmamış qalacaqdır, o zaman Fəxrəddinin fikrini birinci növbədə mən özüm imza edərdim. Lakin buna etibarım yoxdur. Düşmənlər daxili müharibələrdən istifadə edib məmləkəti öz aralarında bölüşdürəcəkdir. Fəxrəddin bir daha üzünü xalqa çevirib dedi: – Mən sizə söz verirəm ki, düşmən Şimali Azərbaycan torpağına ayaq basa bilməyəcəkdir. Bizim qılınc tutan əllərimiz şil olmamışdır. Nizami etidalını pozmayaraq cavab verdi: – Mən Fəxrəddinə məsləhət görürəm ki, Şimali və Cənubi Azərbaycan sözünü bir dəfəlik fikrindən çıxarsın. Bizdə yalnız Azərbaycan sözü vardır. Bunlar bir-birisiz heç bir zaman yaşaya bilməz. Hər nə olursa olsun, kimin idarəsində bulunursa bulunsun, biz Azərbaycanın tarixi və milli hüdudlarını əlimizdən buraxmayacağıq. Bu yolla gedən mübarizə tələb edərsə, mən də qələmi bir tərəfə buraxıb qılınc götürəcəyəm. Bəlkə də mənim yoldaşım qılınc daşımaqdan yorulmuşdur. Qoy o, Gəncədə qalıb bir az dincəlsin. Bizim hazırkı hüdudlarımız daxilində olan torpaqları təhlil edə biləcək qüvvətli bir alim dünyaya gələrsə, siz o zaman görəcəksiniz ki, Qafqaz dağlarından Həmədana və Qaplankuhaya qədər bütün torpaqlar midiyalı sümüyündən ibarətdir. Biz haman torpaqdan doğulmuşuq. O torpaq bizim tarixi babalarımızın məzarıdır. Haman torpaq bizim namusumuzdur. Biz heç bir zaman midiyalıların döşü üzərində düşmən atlılarının gəzməsinə imkan verməyəcəyik. Bir məmləkəti iki adla səsləyənlər bu məmləkətin dostu deyildir. Ya cənubla birlikdə yaşamalı, yainki onlarla birlikdə məhv olmalıyıq. Xalqında ittifaq olan bir məmləkəti heç bir düşmən mənimsəyə bilməz. Bu gün bizim Qızıl Arslanla bərabər Həmədan və İraq hüdudlarına gedəcək ordumuz Qızıl Arslanın köməyinə deyil, Cənubi Azərbaycanın sərhədlərini düşmənin üzünə bağlamaq üçün gedir. Məsciddəkilərin fikri dəyişdi, xalq bir-birilə pıçıldaşmağa və “şair doğru deyir” sözlərini təkrar etməyə başladı. Fəxrəddin vəziyyəti belə gördüyü zaman Nizamiyə bir sual da verdi: – Qızıl Arslan Toğrula qalib gəldiyi zaman biz nə kimi qazanc əldə edərik? Nizami Fəxrəddinin fikrən tərk-silah edildiyini gördükdə, öz fikrini izah edərək dedi: – Qazanc əldə etmək, hazırkı hadisələrdən istifadə etməyi bacarmaqdan asılıdır. Atabəy Məhəmmədin öldürülməsi Şərqdə böyük bir hadisədir. Bu hadisəyə hər dövlət və hər bir məmləkət istifadə üçün öz mövzusunu verməkdədir. Həmin hadisəyə iraqlılar bir cür, reylilər başqa cür, Bağdad xalqı isə tamamilə əlahiddə mövzu verməkdədir. Eyni zamanda onların verdikləri bu mövzuların hamısı Azərbaycan dövlətinin əleyhinədir. Çünki hazırda Yaxın Şərqdə Azərbaycan atabəyliyi ən böyük bir mövqe işğal edir. Sizin gördüyünüz kimi, bu hadisəyə xarəzmlilər də öz mövzusunu verərək bizim məmləkətimizin vücudundan böyük bir parça qoparmağa çalışırlar. Onlar bizim səltənətimizin meyiti üzərindən keçib Bağdadda yol açmaq istəyirlər. Onlar Cənubi ticarət bazarlarını və Hindistan yollarını bizim əlimizdən almağa çalışırlar. Buna görə də şimali azərbaycanlılar Cənubi Azərbaycandakı qardaşları ilə möhkəm ittifaqa girib Bağdad qapılarını və Hindistan yollarını öz üzünə açıq saxlamağa çalışmalıdırlar. Qızıl Arslanın qalib gəlməsindən əldə edəcəyimiz qazanc bundan ibarət olmalıdır. Bizim bu məqsədlərimizin həyata keçməsinə hər kəs kömək verərsə, biz ona kömək verməliyik. Azərbaycan xalqının milli varlığı hazırda bunu tələb edir. Mən heç bir zaman Azərbaycan xalqının böyük varlığını Araz çayı ilə Kür çayı arasındakı dar bir çərçivəyə soxmaq istəyənlərə vətənpərəst deməyəcəyəm. Atabəylər dəyərsizdir. Atabəylər rəiyyətpərvər deyildir. Lakin məmləkəti əcnəbilər əlinə tapşırmaqla onları cəzalandırmaq mübarizə üsulu deyil. Gəlin də biz ağıl və siyasət nöqteyi-nəzəri ilə danışaq. Hər halda farsların himayəsinə keçib müstəmləkə həyatı keçirməkdənsə, atabəylərin idarəsində müstəqil yaşamaq daha yaxşıdır. Çünki onlar da, biz də bir dildə danışırıq. Buna görə də Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. Qoy mənim yoldaşım Fəxrəddin öz tərəfdarları ilə bərabər Gəncədə otursun. Nizami bu sözləri dedikdən sonra oturdu. Məsciddən səs-küy qalxdı. Fəxrəddin ayağa durub səsləndi: – Dayanın! Mən çox zaman səhv etmişəm. Lakin heç kəs deyə bilməz ki, Fəxrəddin öz səhvində inad göstəribdir. Fəxrəddin bu sözü dedikdən sonra qılıncını çəkib səsləndi: – Səfərbərlik! Nizami məsciddən dışarı çıxdığı zaman Məlikşah meydanındakılar bir-birini öpür və səfərbərlik elan olunması üçün şadlıq edirdilər. * * * Qorxu Bir tərəfdən Qızıl Arslanın etinasızlığı və onun Həmədana gəlməməsi, o biri tərəfdən də Qətibənin başladığı təzə oyunlar Toğrulun mövqeyini qorxu altında qoymuşdu. Sizdəh günü Həmədanda olan qoşunun Toğrul sarayı qarşısına gəlib əlahəzrəti salamlamaq istəməməsi məsələnin nə qədər qorxulu olduğunu tam çılpaqlığı ilə meydana qoymuş oldu. Sizdəh günü üçün lazım olan hər bir şey hazırlanmışdı. Rəsm-keçid bitəndən sonra Toğrulun sarayında böyük ziyafət veriləcəkdi. Səhər saat on birdə əyanlar, vəzirlər əlahəzrətlə bərabər sarayın meydana baxan uca balkonuna çıxıb qoşunların rəsm-keçidinə tamaşa etmək istəyirdilər. Lakin meydanda qoşun yox idi, oradakılar yalnız əlahəzrətin qulamları və bir də süpürgəçilər idi. Saat 12 oldu, qoşunun gəlməsindən xəbər olmadı. Toğrulun həm qorxusundan, həm də acığından ürəyi partlamaq istəyirdi. O, bu hadisənin təsadüfi bir hadisə olmadığını dərhal hiss etdi, öz qəlbində Qətibəni edam etdirəcəyini və mümkün olan kimi Hüsaməddini qoşun sərkərdəliyindən uzaqlaşdırmağı qərara aldı. Toğrul rəsm-keçidin baş tutmamasını görincə, öz pişxidmətini Hüsaməddinin yanına göndərib hüzuruna tələb etdi. Lakin Hüsaməddin bu əmri nəzərə almayaraq gəlmədi. Ancaq bir kiçik məktub göndərib gəlməməsinin səbəbini izah etdi: “Hazırda qoşunun içindən kənara çıxmağım əlahəzrətin mövqeyi üçün böyük bir təhlükə törədə bilər, bunun üçün də gələ bilmədim. Bu mənim tərəfimdən cəsarət olsa da, əlahəzrət nökərlərini əfv etməlidir” – deyə Toğrula cavab verdi. Rəsm-keçidə gələnlər balkondan düşüb Toğrulun ziyafət salonuna yığışdılar. Lakin ziyafət Toğrulsuz keçdi. O öz evində qapanaraq bir həftə dışarı çıxmadı. Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi. Lakin Toğrulun bu qərarına Xarəzmşahlarının casusu Zəhir Bəlxi razılıq vermədi. O, Toğrula müraciət edib: – Əlahəzrət elə bir tədbir görməlidir ki, o tədbirlə həm Qızıl Arslan, həm də Hüsaməddinin başladığı fitnələrə cavab verilsin. İraqlılarda bu iki fitnənin qarşısında dura biləcək qüvvə yoxdur. Yaxşı olardı ki, əlahəzrət Sultan Təkişə müraciət edib ondan kömək istəsin, – dedikdə, Toğrul Zəhir Bəlxinin cavabında: – Dediklərinizin hamısı doğrudur. Lakin Xarəzm qoşununu məmləkət içərisinə buraxmaq mənim vəziyyətimi daha da ağırlaşdırar. Hazırda məni Atabəyin qətlində töhmətləndirirlər. Əcnəbi himayəsinə girməklə də, məmləkət xaini adlandıra bilərlər. Bu gün bir nəfər özgə hökumətin qoşunu məmləkətin daxilinə ayaq basarsa, bu iki töhmət boynumda qalacaqdır. Yaxşı olardı ki, cənab Zəhir Qətibə ilə danışaydı, hərgah Qətibə istərsə, bu fitnələr öz-özünə məhv olub gedər. Zəhir Bəlxi buna heç də etiraz etmədi. Çünki o, Qətibənin Xarəzmşah tərəfdarı olduğuna inanırdı. Qətibə ilə onun oğlu Qütlüğ İnancın Reydə hökumət sürəcəyi barəsində danışılıb qərar çıxarılmışdı. Alınmış qərara görə Rey Atabəy məmləkətlərindən ayrılıb Xarəzmşahlar ixtiyarına keçəcək, Qütlüğ İnanc orada əmirülməralıq ləqəbilə hökumət sürəcəkdi. Buna görə də Zəhir Bəlxi Qətibə ilə Toğrulu barışdırmaq məsələsinə etiraz etmədi. Qətibə Həmədanda deyildi, o özünü aralıqda alovlanan fitnələrdən kənarda göstərmək üçün bir neçə gündən bəri “Eldəniz Rübatı” adlı malikanəsinə köçmüşdü. O köçəndən sonra qoşun: “Atabəyin qatilini bizə verin” – deyə Toğrula tələbat verirdi. Zəhir Bəlxi bütün bu tədbirlərlə razılaşsa belə, qoşunun Toğrul əleyhinə qiyam etməsilə razılaşa bilmirdi. Çünki bu qiyam Toğrul, Zəhir Bəlxi və Hüsaməddin arasında qərara alınmış xətt-hərəkətə daxil deyildi. Bunların əsas məqsədləri Toğrulunu mövqeyini möhkəm etməkdən ibarət olmalı idi. Lakin Zəhir Bəlxi Qətibə ilə Toğrul arasında baş verən narazılığın əsas səbəbini bilmirdi. Onun üçün bütün işlər məlum olsa belə, Toğrul ilə Qətibə arasında başlanan gizlin müqavilənamə məlum deyildi. Toğrulun Qətibəyə evlənməyə söz verməsi və onun oğlunu vəliəhd təyin eləməsi məsələsini bir Qətibə, bir də Toğrul bilirdi. Lakin Toğruldan ümidini kəsdikdən sonra, Qətibə xarəzmlilərlə müqavilə bağlayıb Rey məmləkətini onlara vermək və oğlunun “əmirlər əmiri” ləqəbilə hökumət sürəcəyini təmin eləmişdi. Bundan da Zəhir Bəlxi və Hüsaməddinin xəbəri yox idi. Zəhir Bəlxi Qətibəyə belə bir məktub yazdı: “Möhtərəm mələkə! Belə mühüm bir zamanda mələkənin paytaxtdan kənara çıxması aralıqda alovlanan fitnələrin bir daha artmasına səbəb olur. Qoşunun əlahəzrətə itaət etməməsi onun mövqeyini laxladır. Halbuki bizim mələkə ilə olan danışığımızda, əlahəzrətin səltənətini möhkəm etməyi qərara almışdıq. Danışıqlarda qoşunun üsyan etməsi qərarı yox idi. Özbaşına olan bu hərəkət möhtərəm mələkənin düşündüyü tədbirlərin hamısını poza bilər. Əlahəzrət üsyançı qoşunları sakit etmək və onları tərk-silah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. Lakin bu ordunun düzəlməsi bizim üçün yaxşı nəticə verməzdi. Əvvələ, bu ordunun üsyançı qoşunlara qalib gələ bilməsi də şübhəli bir məsələdir. Sonra, iki qoşun arasında vuruşma çıxsa, nəticədə Qızıl Arslan qazanacaqdır. O, işə müdaxilə etdiyi zaman oğlunuzun gələcəyi haqqında sizinlə bağladığımız müqavilə də öz gücünü itirə bilər. Bütün bu yazdıqlarımı nəzərə alaraq mələkə həzrətləri tezlikdə bilataxir paytaxta köçməlidir. Çünki ülyahəzrətin Həmədandan köçüb getməsi Atabəyin qətlinə dair buraxılan şayiələrin məsuliyyətini əlahəzrətin öhdəsində qoyur. Həmədan xalqı sizin köçməyinizi, ərinizin qatilini görmək istəmədiyiniz kimi mənə edir. Halbuki bu məsələdə sizin özünüz daha yaxından iştirak etmişsiniz”. Məktub Zəhir Bəlxinin ən etimadlı olan qulamı Bəsirə tapşırıldı. Bəsir gecə ikən Həmədandan Eldəniz Rübatına tərəf yola düşdü. Lakin o, Eldəniz Rübatına gedərkən Hüsaməddinin adamları tərəfindən tutulub axtarıldı və məktub alınandan sonra buraxıldı. Hüsaməddin Zəhirin yazdığı məktubu ələ gətirmədən əvvəl Toğrulun Qətibəyə göndərdiyi məktubu da ələ gətirmişdi. Toğrul Qətibəyə yazdığı məktubunda deyirdi: “Əziz və möhtərəm mələkə paytaxtdan nə qədər uzaq olursa olsun, yenə də mən onun dodaqlarını öz dodaqlarımda hiss edir və nəşə ilə yaşayıram. Lakin təəssüf edirəm ki, Hüsaməddinin xain hərəkəti bizim mələkə ilə olan izdivac fikirlərimizin təxirə düşməsinə səbəb olur. Möhtərəm mələkəm paytaxta qayıtsaydı, Hüsaməddin haqqında qəti bir qərara gələrdik”. Hüsaməddin bu məktubu ələ keçirəndən sonra, Qətibənin iki cəbhədə çalışdığını anladı. Qətibənin ona verdiyi dodaqların və özünə verdiyi izdivac vədəsinin Toğrula da verildiyini anladı. Qətibənin Rey məmləkətini Sultan Təkişə bağışlaması onu heç də təəccübləndirmədi; çünki əcnəbi köməyi ilə hökumət təbəddülatı yaratmağın bu kimi qurbanlar tələb edəcəyi şübhəsiz idi. Toğrul Qətibəyə göndərdiyi məktublardan cavab gəlmədiyini görincə Zəhir Bəlxini bir daha hüzuruna çağırıb, öz fikrini ona xəbər verdi: – Qətibə nə sizin, nə də mənim məktubuma cavab vermədi. Buna görə də mən onun barəsində iki qərar çıxarmışam. Qərarın birisi ya onunla evlənərək oğlunu vəliəhd təyin etmək, yaxud gecələrin birində onu qətl etdirməkdən ibarətdir. Zəhir Bəlxi birinci fikrə etiraz edərək dedi: – Ona evlənməyi əlahəzrət üçün çox zərərli hesab edirəm. O zaman bütün məmləkət əhalisi deyə bilər ki: “Əlahəzrət Toğrul Qətibəyə evlənmək üçün öz qardaşı Atabəy Məhəmmədi qətl etdirdi”. Onun özünü qətl etdirmək, evlənməkdən daha faydalıdır. Lakin bu da qoşun arasında başlanmış qiyamı artıra bilər. Ən faydalı və əlverişli çarə, hələlik onunla müvəqqəti olaraq barışmaqdan ibarətdir. Barışıq onun həyatını həmişəlik təmin eləmək kimi məna edilməməlidir. Çünki onun təbiəti heç bir güzəştin müqabilində razı qala biləcək bir təbiət deyildir. Ona ölüm lazımdır. Lakin hazırda diriliyi öldürülməsindən daha əlverişlidir. Toğrul Zəhir Bəlxiyə bir sual daha verdi: – Hüsaməddin haqqında fikriniz nədir? – Qoşun arasında mövcud olan qiyam Hüsaməddin tərəfindən düzəlmiş olsa belə, yenə də bu onun öz fikri deyil. Yaxşı axtarmış olursaq, yenə də qiyamın əsas kökünü Qətibədən tapmış olarıq. Buna görə də Qətibə ilə barışmaq hər şeydən əvvəl lazımdır. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. Toğrul ikinci sualı verdi: – Bilmirəm o barışarmı? Onun xəyalı səltənətin vəliəhdliyini oğlu üçün, mələkəlik adını isə özü üçün təmin eləməkdir. Zəhir Bəlxi güldü: – Qadın nə qədər tez aldadırsa, o qədər də tez aldanır. Siz onların həqiqətlə yox, vədələrlə daha çox maraqlandıqlarını bilmirsinizmi? Qadın ürəyi şirin vədələri sevən gülünc bir maddədir. Lakin vədələr inandırıcı vədələr olmalıdır. Çünki onlar qəlibə salınmamış həqiqətlərdən artıq qəlibə salınmış yalanlara daha tez inanırlar. Bir də burasını bilmək lazımdır ki, xalq həqiqət eşitməyə adət etmədiyindən, onu eşidərkən gülür və şüuruna yerləşdirməyi bacarmır. Lakin onların qulaqları yalanları hər an və hər dəqiqə eşitməkdədir və buna öyrənmişdir. Biz bunu Atabəyin qətlindən sonra, buraxdığımız şayiələrdə təcrübədən keçirmədikmi? Buna görə də sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. Hələlik Qızıl Arslanla əlaqəniz məlum olmadan Qətibənin paytaxtdan getməsinə imkan verməməli idiniz. O çox fitnəkardır. O buradan getməklə xalqa sənin hərəkətlərindən razı qalmadığını bildirmək istədi. Eyni zamanda sənə də bildirmək istədi ki, qoşunun qiyamı o, paytaxtda olmadığı zaman düzəlmişdir. Qətibə bu yalanları xalqın əhvali-ruhiyyəsini nəzərə alaraq düzəltmişdir. Baxınız, o, yalanlarını nə məqsədlə toxumuşsa, xalq da onu haman mündəricə ilə qəbul edir: “Mələkə paytaxtda yaşaya bilmədi. O öz ərinin qatilini Azərbaycan taxtında görə bilmir. Onu Toğrul öldürmək istəyirdi, buna görə də çıxıb Eldəniz Rübatına qaçmışdır” – deyə hər yerdə danışıq gedir. Lakin məni bunların heç birisi qorxutmur. Mənim fikrimi darmadağın edən Qətibəyə göndərilən məktubların başqa əllərə düşməsi qorxusundan ibarətdir. Hərgah göndərilən məktubun onun əlinə yetişməsini və onun etinasızlıq edib cavab verməməsini bilsəydim, heç düşünməzdim. Lakin məktubun başqa əllərə düşməsi olduqca qorxulu bir hadisədir. Bizim Qətibəni aldada biləcəyimiz də bu məsələdən asılıdır. Toğrul ilə Zəhir Bəlxi arasında gedən uzun-uzadı söhbətlər fayda vermədi; çünki Qətibəyə məktub aparan Bəsir qayıdıb Qətibəyə aparılan məktubun naməlum adamlar tərəfindən alındığını xəbər verdi. * * * Kişilər Qətibənin məsələdən xəbəri yox idi. O, qoşunun üsyanının Toğrul üzərində nə kimi təsir bağışladığını təqib edirdisə də, düşündüyü nəticəni əldə edə bilmirdi. O, bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. O, bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn edərək rahatsız olurdu. Qətibənin fikrincə, qoşun üsyan etdiyi zaman Toğrul dərhal ona məktub göndərib paytaxta çağıracaq, yaxud da onu paytaxta gətirmək üçün Eldəniz Rübatına bir heyət göndərəcəkdi. Bir neçə dəfə özü yığışıb paytaxta getmək istədisə də, cəsarət etmədi. Ehtiyatla hərəkət etdi, çünki qoşunda təşkil etdiyi üsyan dayandırılıb və Hüsaməddinin Toğrul tərəfinə keçməsi məsələsi bir həqiqət şəklinə keçdiyi zaman, Qətibəni paytaxta girən kimi həbs etmək o qədər də çətin məsələ deyildi. Qətibə bu kimi düşüncələr içərisində qıvrıldığı və gecə-gündüz gözünə yuxu getmədiyi zaman, paytaxtdan Hüsaməddinin məktubunu aldı. Məktub çox da səmimi, məhəbbətli və hörmətli yazılmamışdı. Orada Hüsaməddinin başqa məktublarında olduğu kimi sevgi və məhəbbət söhbətləri yox idi, hətta məktubda Qətibəyə gələcəyə aid ümid verə biləcək sözlər də yazılmamışdı. Qısa bir ifadə ilə deyilərsə, məktub qadınına acıqlanmış bir ər tərəfindən yazılan məktuba bənzəyirdi. Qətibə məktubu oxuduğu zaman gözünə və ağlına inanmadı; məktubu həyəcanla yerə buraxıb bir daha götürüb oxudu. O heç də məktubun Hüsaməddin tərəfindən yazıldığına inanmadı. Məktubu gətirən atlını yanına çağırıb sual verdi: – Bu məktubu sənə Hüsaməddinin özümü verdi? – Bəli, həşəmətli mələkə! Hüsaməddin həzrətlərinin özü şəxsən məktubu mənə tapşırdı və öz əlinizə tapşıracağımı əlavə etdi. – Cavab istəmədimi? – Xeyr, başqa söz demədi. – Gedə bilərsən. Atlı baş endirib gedəndən sonra Qətibə məktubu bir də oxudu. “Möhtərəm mələkə! Zənnimcə, Eldəniz Rübatında oturub paytaxtdan məktub və heyət gözləməyiniz artıqdır. Daha yetər, Həmədana köçüb gəlməyiniz məsləhətdir. Biləks, mən vəziyyəti dəyişdirməyə məcburam. Həqiqətə inanmamaq nə qədər idraksızlıq isə, tez inanmaq da o qədər axmaqlıqdır. Mənə gəldikdə, həm idraksız, həm də axmağam. Bəzən insanın siyasi bir məqsəd üçün özünü idraksız və axmaq göstərməsi lazım gəlirsə də, bu təcrübəni hər təsadüfdə işlətmək axmaqlıq yox, dəlilikdir. Bir yalanı bir məmləkətin xalqına satmaq mümkündür. Lakin bir şeyi iki adama satmaq mümkün deyil. Hərgah bu son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq, bir nəfərin isə əxlaqsız olması lazım gəlir”. Qətibə diqqətlə məktubu oxuyandan sonra, məsələnin dərinliyini və Hüsaməddinin nə dediyini anladı. Özünün Toğrula ərə getmək macərasının Hüsaməddinə bəlli olduğunu anladı. Hüsaməddinin qısqandığını hiss etdi və nəhayət, məktubun son cümləsini təkrar etdi: “Lakin bir şeyi iki adama satmaq mümkün deyil. Hərgah bu son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq və bir nəfərin isə əxlaqsız olması lazım gəlir”. Qətibə öz-özünə bərkdən gülərək dedi: – Sanki bizim filosofumuz dünyada heç kəsin qulağı eşitməmiş bir fəlsəfə tapmışdır. Hələ indiyə qədər o bilmir ki, bir şəhərin xalqına yalan satanlar bir şeyi iki adama satan qadından daha alçaq, daha əxlaqsızdır. Bir şeyi iki adama satanlar öz varlığını satırsa da, bir şəhərə yalan satanlar isə xalqı satır. Hələ indiyə qədər bunu Hüsaməddin anlamamışdır ki, mən heç kəsə satılmamışam. Lakin o bilmir ki, o özü bir qadının quru vədəsinə və özünün heyvani bir düşüncəsi xatirinə bir məmləkəti satmaq üzrədir. Mən sən Hüsaməddinin şəxsində adi kişiləri deyil, bir məmləkəti idarə edən xadimləri, rəhbərləri belə öyrəndim. Sizin kimilərin ağlını qəlbirdən keçirdim. Siz öz heyvani düşüncənizi təmin etmək, beş dəqiqəlik nəşə almaq üçün bir məmləkəti bir fahişənin əlinə tapşırmağa belə qabilsiniz. Kişilər, kişilər, siz filosof olsanız da, siz bir məşhur alim, siz bir peyğəmbər olsanız da, siz bütün xalqı tərbiyə üçün asimani kitablar yazsanız da, yenə də o kitabdakılar sizin özünüz üçün deyil. Sizin göstərdiyiniz səmimi kişilərin şəxsiyyəti hələlik kitab vərəqələrindən kənara çıxa bilməmiş, hələlik o asimani kişilər doğulmamışdır. Hələlik siz Hüsaməddinlər, yenə də Hüsaməddinlərsiniz. Gündə birini sevir, gündə birini yüksəldir, gündə birinin başına ölkələrin tacını qoyur, yüzlərcə qadını mənimsədiyiniz halda başqasını qısqanır, yüzlərlə qadına satılırsınız. Lakin sizdən başqasına satılan qadına fahişə adı verir, tacı başından götürür, mərtəbəsini əlindən alır və ona yazırsınız ki: “Hərgah son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq, bir nəfərin isə əxlaqsız olması lazım gəlir”. Lakin bir həqiqəti gizlədirsiniz, yainki kişiyə məxsus qürur, o həqiqəti görməmək üçün sizin gözünüzə pərdə çəkir. Heç düşünmürsünüz ki, qadını əxlaqsız edən kimdir, qadınlarmı, kişilərmidir? Lakin mən çox da aciz deyiləm. Hərgah mən o daş qəlbli şairi aldada bilmədimsə, bu mənim acizliyimi göstərmir. Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir. Başqaları isə Hüsaməddinlər, Hüsaməddinlər, yenə də Hüsaməddinlərdir. Qətibə bunları deyərək qəhqəhə ilə güldü və məktubu bir tərəfə ataraq əlavə etdi: – Getməyəcəyəm, Həmədana dönməyəcəyəm. Sən Hüsaməddin də, sən Toğrul da mənim hüzuruma gələcək və üzr istəyəcəksiniz. Sizi iki şey məcbur edib mənim qarşımda diz çökdürəcəkdir. Onlardan birisi rəyasət və tamahkarlıq, ikincisi isə heyvani şəhvətiniz və qadın düşkünü olduğunuzdur. Qətibə bu sözləri qəlbində götür-qoy etdikdən sonra cariyələrə əmr verdi: – Bu gün şam süfrəsini hovuzun başında düzəldərsiniz! * * * Hüsaməddin Qətibəyə baş endirib dedi: – Mən sizi paytaxta aparmaq üçün öz tərəfimdən gəlməmişəm. Qətibə Hüsaməddinin nə demək istədiyini bildi və buna görə də bir az sərt cavab verməklə onun cürətini sınamaq istədi və: – Sən öz tərəfindən gəlməyə səlahiyyətdar deyilsən. Mən hələ o ixtiyarı sənə verməmişəm, – dedikdə, Hüsaməddin: – Elədir ki, mələkə buyurur. Məni mələkəni paytaxta qaytarmaq üçün, əlahəzrət Toğrul göndərmişdir. Çünki siz onun bu barədə yazdığı məktuba cavab verməmişdiniz, – dedi. Qətibə dərhal Toğrul tərəfindən yazılan məktubun Hüsaməddinin əlinə düşdüyünü anladı və: – Mən ondan məktub almamışam, – dedi, – və ona mənə məktub yazmaq üçün də icazə verməmişəm. – Məncə, icazə vermədiyiniz üçündür ki, məktub mənim əlimə düşmüşdür. Hüsaməddin bunu deyərək məktubu Qətibəyə uzatdı. Qətibə isə məktubu oxuyub istehza ilə güldü. Məktubu yerə atıb dedi: – Toğrul bu məktubu mənə göndərmək üçün yazsaydı, elə adamla göndərərdi ki, heç bir zaman sənin əlinə düşməzdi. O, bu məktubu məhz sənin əlinə düşmək üçün yazıbdır. Sən bu məktubu alandan sonra qoşundakı üsyanı dayandırdınmı? – Nə üçün soruşursunuz? – Çünki Toğrul bu məktubu, bizi bir-birimizlə döyüşdürmək və bununla da qoşundakı üsyanı sakit etmək üçün düzəltmişdir. Buna da nail oldu. Çox təəssüf edirəm ki, mən Hüsaməddinlər kimi avam və sadə adamlarla iş görürəm. İnsan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. Şüurun kəskin olması lazımdır. Qətibə bu sözləri dedikdən sonra Hüsaməddinin yazdığı məktubu göstərib dedi: – Sən Hüsaməddin, bu məktubu mənə yazdığın zaman vicdanınla danışmadınmı? Şüurunla məsləhətləşmədinmi? Kim bilir, bəlkə onlar səndə heç yoxdur; “onlardan ikisi alçaq, birisi isə əxlaqsız olmalıdır”. Sən onu bil ki, Toğrul alçaq olmasaydı, bu alçaqlığı etməzdi. Bu mübarizə üsulu deyil. Lakin sən alçaq deyilsən, sənə alçaq deməyə utanıram; çünki sən bir əsgərsən. Lakin axmaqsan, həqiqəti yoxlamadan öz dostuna belə bir məktub yazan adama ancaq haman adı vermək olar. Qadınların təqsiri tələsməklərindədir. Mən səninlə dostluq etdiyim zaman tələsdim. Onun üçün də hazırda səndən mükafat olaraq belə bir məktubu alıram. Səninlə işim yoxdur. Lakin o alçağı bu fitnəsinə görə cəzalandıracağam. O bir şah deyil, bir çibin olsa belə, mənim libasıma qona bilməz. Xəlifənin nəvəsi hələ o qədər də tənəzzül etməmişdir ki, hər yetənin dodağı onun dodağına dəyə bilsin. Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir. Qətibə bu sözləri dedikdən sonra köynəyinin qolunu gözlərinə tutub ağladı və Hüsaməddini otaqda qoyub başqa otağa keçdi. Hüsaməddin ayaq üstündə durub düşünürdü. O, Qətibəyə yazdığı məktubundan peşman olmuşdu. O, Toğrulun hiylə ilə məktubu qəsdən yazıb onun əlinə düşmək üçün göndərməsinə inanmağa başlamışdı. O, mələkədən nə kimi bir sözlə üzr istəyəcəyi və nə tövr ilə onun qəlbini alacağı barəsində fikirləşirdi. Mələkənin qulamları və cariyələri gəlib Hüsaməddini hamama apardılar. O, hamamdan çıxıb rahat olandan sonra, cariyə gəlib baş endirdi: – Mələkə şam süfrəsinə buyurmağınızı əmr edir, – dedi. Hüsaməddin yerindən hərəkət etməyə və Qətibənin gözünə görünməyə cəsarət etmirdi. Nəhayət, ədəbsizlik olmasın deyə, yemək otağına keçdi. Qətibə hələ süfrə otağına gəlməmişdi. O bir tərəfdə oturdu. Qətibə içəri girərkən Hüsaməddin ayağa qalxıb baş endirdi. Qətibə süfrəyə oturandan sonra, Hüsaməddinə müraciət etdi: – Sərdar, oturun, – dedi. Süfrə başında heç bir söhbət olmadı, çünki Qətibənin adətinə görə süfrə başında başqa söhbətlər ola bilməzdi. Süfrədən qalxıb bağçaya çıxdılar. Onların dalınca cariyələr və qulamlar dolanırdı. Daima Qətibə özünü ehtiyatlı göstərmək istədiyi üçün yad kişilərlə söhbət etdiyi və yaxud bağça səyahətinə çıxdığı zaman cariyə və qulamlardan da özü ilə bərabər götürərdi. Cariyə və qulamlar buna adət etdiklərindən daima Qətibəni yad kişi ilə gördükləri zaman onun yanından ayrılmazdılar. Qətibə cariyələrə və qulamlara müraciətlə: – Şərbət otağını döşəmək lazımdır. Məni sərdarla tək buraxın, bir azdan sonra şərbət içmək üçün qayıdırıq, – dedikdə, hamısı baş endirib getdi. Onlar yalnız qaldığı zaman, Qətibənin birinci sözü bundan ibarət oldu: – O, Zəhir Bəlxinin göstərişi ilə bu xəyanətə cəsarət etmişdir. Biləks, Toğrul öz qardaşının qadınına belə bir məktubu göndərməyə cəsarət eləməzdi. Sən şahid ol, mənim sözümü xatırında saxla. Toğrul Zəhir Bəlxinin məsləhətləri nəticəsində məhv olacaqdır. Hüsaməddin Qətibənin əlindən tutub dedi: – Mələkə, mənə inan! Bu ələ and içirəm, mən sizi heç vaxt Toğrulun yazdığı məktubla ölçməmişəm. Mən sizin namus və vicdanınıza inanıram, yazdığım məktub isə hər kişidə olduğu kimi, qısqanclığın nəticəsidir. Qətibə Hüsaməddinin son sözünü eşitdikdən sonra ondakı qısqanclığın söndüyünü, şəhvət və heyvani duyğuların vicdani hisslərə qalib gəldiyini görincə, əsas söhbətlərə keçərək dedi: – Mən cəsarətlə deyə bilərəm ki, kişilərdə qəhrəmanlıq xüsusiyyətləri mövcuddur. Lakin onlardan bir çoxu özlərində təbii olan qəhrəmanlıq xüsusiyyətlərini çox tez uduzurlar. Kişilər özlərini acizliyə düşürə biləcək səbəbləri bəzən görə bilmirlər; çünki qısqanclıq və inanmaq onların müdafiə üçün lazım gələn idrakını korlayır, onların qəhrəmanlıq şüurunu zəiflədir. Kişini qəhrəman edən səbəblər qısqanmamaq, tez inanmamaq və tələsməməkdir. Sən Hüsaməddin, qısqanmasaydın, tez inanmasaydın və tələsməsəydin o cür məktubu səni sevməyə başlayan Qətibə kimi bir qadına yazmazdın. Sanki sən bu saat mənim tanıdığım və uşaqlıqdan qəhrəmanlıqlarının şahidi olduğum Hüsaməddin deyilsən. İndi sənin sözün təsəvvür et, öz nöqsanını qarşına qoyub sənə tapşırılan vəzifə ilə müqayisə et. Bax gör, bu xasiyyətlə sən bir məmləkətin şəklini dəyişdirmək və məmləkətin hökmdarını yerindən dəbərtmək vəzifəsini ifa edə bilərsənmi? Mən sənə ümid bağlayıb Eldəniz xanədanı ilə başladığım bu oyundan qalibiyyət gözləyə bilərəmmi? Bəlkə də sən məni Eldənizlərə qarşı aparmaq istədiyim mübarizənin mündəricəsini lazımınca bilmirsən? Qoy onu sənin üçün çox aydın bir surətdə danışım. Bir qadın, istər hökmdar qızı, yaxud adi bir rəiyyət qızı, yainki bir dilənçi qızı olsun, onda ən qiymətli olan bir cavahir vardır ki, o da qızlıq şərəfi və qızlıq namusudur. Bu xasiyyət varlı və yoxsul qızlarının hamısına məxsusdur. Qızlar bunu müəyyən bir zamana qədər öz göz bəbəkləri kimi qorumaqdadırlar. Qız onu heç bir cavahir və heç bir xəzinənin müqabilində satmaz və onu ancaq ailə təşkilinin tələb etdiyi vəfa, sədaqət, səmimiyyət və ailə məhəbbəti müqabilində sata bilər. Mən Qətibə də Atabəy Məhəmmədə ərə getdiyim zaman öz qızlıq dəyərmi haman yuxarıda sənə saydığım dörd cavahirin müqabilində vermişdim. Sənin özünə də məlum olduğu üzrə, Atabəy mənim ona verdiyim cavahirin qiymətini mənə vermədi, məni aldatdı, vədələrinə vəfa etmədi. Ondan ailə məhəbbəti, vəfa, sədaqət, səmimiyyət görmədim. Nəhayət, o, qəlbini iki tərəfə ayırıb başqa bir qadına evləndi. Mən qızlıq cavahirinin qızıl müqabilində satıldığını görincə düşmənimdən intiqam almağa haqlı idim. Mən ucuz satılan qızlardan deyildim. “Şərəf və namusumun müqabilində ya istədiyimi ver, yainki həyatınla cavab ver!” Bu qərara gəldim, onun həyatını əlindən aldım. Çünki o məni həm qızlığımdan, həm də məni sevən Hüsaməddindən ayırmışdı. İndi anladın ki? Sən bu intiqamda iştirak etməli idin, çünki Atabəy olmasaydı, Qətibə Hüsaməddinlə bir ailə təşkil edib xoşbəxt yaşayacaqdı. O xoşbəxtliyi sənin də, mənim də əlimdən aldılar. Biz də buna qarşı ondan intiqam aldıq. Lakin iş hələ bitməmişdir. Hazırda biz əlimizi əlimizin üstünə qoyub oturarsaq, müəyyən bir zamanda Eldənizlərin başı ayılan kimi bizim yaxamızdan tutub Atabəy Məhəmmədin qanını tələb edəcəkdir. Buna görə də onların başını qarışdırmaq və yeri gələrkən onları məhv etmək əsas vəzifəmiz olmalıdır. İndi məsələ Hüsaməddin cənabları üçün aydınlaşdımı? Hüsaməddin onun əlindən öpərək: – Aydınlaşdı, sevimli və möhtərəm mələkə! Hüsaməddinin bədənində bir qətrə qan qalıncaya qədər bu məqsəd uğrunda çalışacaqdır. Qətibə son sözündə: – Toğrul kimi iradəsiz, zəif və sərxoş bir hökmdarın iş başında qalması bizim üçün əlverişlidir. Bəzən onu qorxutmaq və ələ almaq üçün göstərdiyim tədbirləri həyata keçirməlisən, – dedi və dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddinin dodaqları yenə də bu sözləri Qətibənin dodaqlarına yazdı: – Bu dodaqlara and içirəm, mələkənin bütün əmrlərinə əməl edəcəyəm! * * * Hüsaməddin Qətibənin göstərişinə binaən Eldəniz Rübatından qayıdan kimi Toğrula təqdim olundu və ona baş endirib səfəri haqqında məlumat verdi: – Əlahəzrətə ərz etmək istəyirəm ki, Qətibə xatun xəstə olduğuna görə, paytaxta qayıtmaq məsələsini təxirə saldı. Toğrul çox diqqətlə Zəhir Bəlxinin üzünə baxaraq, onun fikrini bilmək istədi. Zəhir Bəlxi isə Toğrula müraciətlə: – Qətibə xatunun Eldəniz Rübatında bu qədər təxir etməsi şübhəsiz ki, səbəbsiz deyildi. Madam ki, ülyahəzrət xəstədir, o zaman əlahəzrətin onu yoxlamağa getməsi lazımdır, – dedi. Bu sözdən sonra Toğrul Hüsaməddinin getməsinə icazə verdi. Zəhir Bəlxi də Toğrula yavaşdan dedi: – Bizim böyük səhvlərimizdən birisi də Hüsaməddinlə olan əlaqəmizdir. Biz, Atabəyin qətli məsələsində Hüsaməddinin iştirak etməsinə imkan verməməli idik. Mən onun hazırkı üsyanda Qətibə ilə əlbir işlədiyinə heç də şübhə etmirəm. Bütün bu hərəkətlər sizi güzəştə məcbur etmək üçündür. Bunları nəzərə alaraq Hüsaməddini qorxudub ələ almalı, Qətibəni isə aldadıb sakit etməlisiniz. Bunların hər ikisini bacara bilsəniz, o zaman sizi qarşılamaqda olan təhlükənin mühüm bir hissəsi öz-özünə aradan qaldırıla bilər. Toğrul cavabında dedi: – Hüsaməddini yanıma çağırıb danışdıraram, sabah isə tezdən Eldəniz Rübatına yola düşərəm. Zəhir Bəlxi vidalaşıb getdi, Toğrul da Hüsaməddinin hüzura çağırılmasına əmr verdi. Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. Hüsaməddin hələ yol libasını və silahını üstündən çıxarmamışdı. O, otağa girərkən təəccüblə Toğrulun üzünə baxırdı. Toğrul isə ona tərəf baxıb dedi: – Otur, sərdar! Həyatın hər bir günü müxtəlif düyünlərdən və pırtlaşmış kələflərdən ibarət olan bir silsiləyə bənzəyir. İnsan ancaq o düyünləri ustalıqla və maharətlə aça bilməyi bacardığı zaman yaşaya bilər. Sən bizim öz həyatımızı misal götürə bilərsən. Hazırda sənin və mənim günlərimiz olduqca təhlükəli, dolaşıq düyünlərdən ibarətdir. Biz bu dolaşıqları və bir-birinin yanına düzülmüş düyünləri tez bir zamanda açmasaq və həyatımızı düzgün yola qoya bilməsək, o təhlükə bizi məhv edəcəkdir. Sən Qətibənin xəstəlik xəbərini gətirdiyin zaman Zəhir Bəlxi burada olduğu üçün bəzi sözləri sənə deyə bilmədim, buna görə də səni ikinci dəfə yanıma çağırdım. Doğrudur, biz onunla sirr arkadaşıyıq, sən, mən onunla bərabər Şərqdə böyüklüyü ilə yerləşə bilməyən bir zatı, daha açığı rəşadət və cəsarətilə – “Cahan pəhləvanı” adlanan bir kişini öldürmüşük. Lakin, buna baxmayaraq, o yenə də bizə yabançıdır. Təhlükə yaxınlaşdığı vaxt Zəhir Bəlxi kimi adamlar qaçıb öz vətəninə getməyi bacarar. Lakin sən və mən qaçmağa yer tapa bilmərik, çünki bura bizim vətənimizdir. Nəhayət, bu qanın məsuliyyəti sənin və mənim boynumda qalar. Buna görə də həyatın dolaşıq olan silsiləsini bir daha pırtlaşıq salmaq doğru yol deyildir. Nədənsə sən Hüsaməddin, son zamanlar özünü bu qətlin məsuliyyətindən tamamilə kənarda tutursan. Lakin bu ixtiyar sənin öz əlində deyildir. Ölüm hadisəsinin səbəbləri aranıldığı zaman, sən bu bitərəfliyi müdafiə edə bilməyərək öz hissənə düşən cinayəti iqrar etməyə məcbur olacaqsan. Nə üçün də işlər gəlib bu yerə çıxsın? Nə üçün də yaşamağa imkanı olan bir boğazı kəndirə keçirmək!.. Səndən soruşuram, hazırda qoşunun üsyanından ya sən, yainki Qətibə nə kimi bir qazanc əldə edəcəksiniz? Hərgah sizin bu hərəkətiniz məqsədinizə uyğun bir surətdə nəticələnirsə, siz Toğrulun zülmündən və yaxud ölümündən başqa bir şeyi görməyəcəksiniz. O zaman sənin də, Qətibənin də mənim dalımca dar ağacına çıxmanız şübhəsizdir. Sən nə üçün bunları Qətibəyə anlatmırsan. Hüsaməddin Toğrula baş endirib: – Əlahəzrətin bütün buyurduqları bir həqiqətdir. Lakin mən Qətibə xatuna bu sözləri nə kimi bir cəsarətlə deyə bilərəm?.. Mən kiməm və nəçiyəm? Atabəyin qətlinə gəldikdə, mən sizin və Qətibə xatunun buyurduqlarınıza əməl etməyə məcbur idim, çünki mən bir əsgərəm. Buna baxmayaraq yenə də öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. O ki dar ağacına çıxmaqdır, o da çox qorxulu deyil, çünki ora çoxlarını çıxarmışıq. Hər halda qoşunda olan dedi-qodular aralıqda gəzən şayiələrin məhsuludur. Buna nə mən, nə də Qətibə xatun məsul deyildir. Hüsaməddin bunları deyəndən sonra sakit olub Toğrulun nə kimi bir vəziyyət aldığına tamaşa edirdi. Toğrul Hüsaməddindən ümidverici bir cavab almadığı üçün dayanıb aciz-aciz baxırdı. Onun çətinliklər qarşısında inlədiyi nəfəsinin ağırlığından oxunurdu. Onun baxışları, doğrudan da həyatının pırtlaşıq və dolaşıq tellərdən ibarət olduğunu göstərirdi. Burada Hüsaməddin Qətibənin Eldəniz Rübatında dediyi sözləri xatırladı. Sanki Qətibə Hüsaməddinin yanında durub: “Toğrul kimi iradəsiz, zəif və sərxoş bir hökmdarın iş başında qalması bizim üçün əlverişlidir” – deyirdi. Hüsaməddin bunları xatırladıqdan sonra, Toğrula bir daha baş endirib: – Əlahəzrətin hökmranlığına gəldikdə, biz onu bir qətrə qanımız qalıncaya qədər müdafiə edəcəyik, – dedikdə, Toğrul şadlığından ağladı. Hüsaməddin isə onun icazəsilə otaqdan çıxıb getdi. * * * Əlahəzrətin Qətibə xatunu ziyarət etmək üçün Eldəniz Rübatına gəlməsi, Qətibə sarayında fövqəladə bir hazırlığa səbəb olmadı və Qətibə xatun əlahəzrəti çox da qızğın bir məhəbbətlə qarşılamadı. Nökərlərə verilən əmr üzrə əlahəzrət Eldəniz Rübatına daxil olunca kəndlilər onu gül dəstələri ilə qarşıladı. Atları tutdular, cariyələr Toğrulu saraya aldılar, hamamı hazırlayıb Toğrulu püştmal edib çimdirdilər, ondan da sonra Toğrul libaslarını dəyişib yemək salonuna qədər müşayiət olundu. Bir azdan sonra Qətibə xatun da bir dəstə cariyənin müşayiətilə salona daxil oldu. Toğrul ona baş endirdiyi zaman Qətibə xatun da: – Əlahəzrət xoş gəlib, səfalar gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurublar. Əyləşin, əlahəzrət! – dedi. Toğrul bir daha əlini döşünə qoyub Qətibə xatuna baş endirdi və süfrəyə oturdu. Süfrə başında ancaq adi söhbətlər danışıldı. Əvvəlcə Toğrul: – Əlhəmdülillah, mələkənin səhhəti yerindədir. Xəstəliyinizi Hüsaməddindən eşitdiyim zaman çox nigaran qaldım. Paytaxtdan ayrılmaq vaxtı deyilsə də, sizin ziyarətinizi hər şeydən əvvəl lazım bildim, – dedikdə, Qətibə ona sual verdi: – Əcəba, paytaxtda bir hadisəmi vardır? – Qoşun itaət etmir. Rəsm-keçid günü böyük rüsvayçılıq oldu. – Bəs Hüsaməddin nə iş gördü? Əcəba, o idarə etdiyi qoşunu itaət altına ala bilmirmi? O zaman nə üçün vəzifəni əlindən buraxmır? – Onun tutduğu xətt-hərəkət olduqca şübhəlidir. Zənnimcə, mələkə Həmədanda olsaydı, bu cür işlər baş verməzdi. – Doğrudur. Lakin mən Həmədanda qala bilmədim, çünki mən dedi-qodunu sevən adam deyiləm. Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. Xüsusən əlahəzrətin özü də mənim Həmədandan Eldəniz Rübatına köçməyimə səbəb oldu. Orası ata vətənimə də yaxındır. Aranda da yaşaya bilərəm. Qızıl Arslanla da aramızda elə bir düşmənlik yoxdur ki, mənim Azərbaycanda yaşamağıma mane olsun. Toğrul ancaq qısa olaraq Qətibə xatuna dedi: – Hər şey ülyahəzrət mələkənin məramınca həll ediləcəkdir. Qətibə xatun Toğrulun sözlərinə nə hə, nə də yox cavabı vermirdi. Çünki cariyələr tez-tez süfrənin ətrafında dolaşıb xörək gətirir və boşalan qabları götürüb aparırdılar. Süfrədən sonra Qətibə ilə Toğrul vidalaşıb hər birisi öz yatağına çəkildi. Lakin Qətibə xatunun qəti bir cavab verməməsi Toğrulun rahatlığını pozurdu, onun yuxusunu odlu bir qum edib gözlərinə tökürdü. Toğrulun bu rahatsızlığı axşama qədər, yəni Qətibə xatunun ikinci yuxusundan qalxmasına qədər davam etdi. Həqiqi və əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. * * * Qətibə Toğrula acıqla baxaraq: – Sən özünü bir hökmdar kimi yox, bir ailə başçısı kimi də apara bilmədin. Ailə başçısı da özlüyündə bir hökmdardır. Onun özünə görə yaşamaq və ailəni yaşatmaq üçün müəyyən bir xətt-hərəkəti olmalıdır. Sizdən soruşuram, padşahlıq taxtına oturandan bəri məmləkət üçün hansı təşəbbüsləri etdiniz? Qətibəyə, Hüsaməddinə, Zəhir Bəlxiyə həmişəlik arxalana bilməzsiniz, özünüzdə təşəbbüs və ailə başçılığına məxsus yararlıq olmalıdır. Xüsusən sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin taxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. Şəxsən mən nələrə ümid olub sizi müdafiə edə bilərəm?.. Mən sizə taxt-tac verdim, əvəzində nə aldım? Bir yalan, bir aldanmaq! Mənim yerimdə hansı bir qadın olsaydı, əlahəzrətlə görüşmək və danışmaq istəməzdi. Gərək mənim sözümü unutmayasınız, sizi mən taxta əyləşdirmişəm, mən də düşürə bilərəm. Yalnız siz deyilsiniz, hökmdarların hamısı belədir. Onları müəyyən adamlar taxta çıxarır, müəyyən adamlar da qolundan tutub düşürür. Sizin hökmdarlığınız bir tükdən asılıdır. Sabahın özündə bir dəstə qoşun gəlib sizin sarayınızı işğal edər, özünüzü həbsə alar, öldürülmüş Atabəyin yerində dar ağacından asdıra bilər. Siz hər nə olursunuz olun, hər kəslə nə kimi müamilə edirsiniz edin, lakin mən Atabəyin qətlində iştirak etdiyimə baxmayaraq, yenə də haman qanın sahibiyəm. Siz hazırda qan sahibinin qarşısında oturmuşsunuz. Qan da kisik qan deyil, Atabəy qanıdır. Toğrulun boğazı qurumuşdu, nə deyəcəyini bilmirdi, ancaq bir kərə: – Nə etməli? Hərgah mələkə həzrətləri öz köməyini əsirgəyirsə, mən Həmədana qayıdan kimi istefa verə bilərəm, siz də məmləkəti başqasına tapşırın. Mən beləliklə hökuməti idarə edə bilmərəm. Görünür ki, mən öz dostlarımla anlaşa bilməyəcəyəm. Qətibə Toğrulun inadını sındırmaq üçün qəti olaraq dedi: – Siz nə ad qoyub hökumətdən istefa edəcəksiniz? Əlahəzrət bir dəfə bilməlidir ki, onu istefa vermək üçün yox, hökmdar olmaq üçün taxta əyləşdirmişlər. Lakin nə kimi şərtlə hökmdar olmuşsunuzsa, o şərtləri yerinə yetirməlisiniz. Ya şərtlərə vəfa edəcək və yainki Atabəyin qatili kimi dar ağacından asılacaqsınız. Çünki öldürülən Atabəyin oğlu vəliəhd, qadını isə məmləkətin mələkəsi olmalıdır. – Mən öz boynuma götürdüyüm vəzifədən boyun qaçırmıram, lakin ülyahəzrət vəziyyəti də nəzərə almalıdır. Mən qadınıma talaq verərək oğlum Məlikşahı edam etdirə də bilərəm. Lakin bu rüsvayçılıqdır. Buna Qızıl Arslan nə kimi bir nəzərlə baxar? – Əvvəla budur ki, nə qadını boşamaq, nə də günahsız Məlikşahı öldürmək və yaxud gözünü çıxarıb kor etmək lazım deyil. Bunu əlahəzrətdən heç kəs tələb etmir. Lakin oğlum Qütlüğ İnanc bu taxt-tacın həqiqi varisidir. Atabəy Məhəmməd sağ qalsaydı, vəliəhdlik mənim oğluma yetişəcəkdi. Atasını öldürdünsə vəliəhdliyi oğluna verməlisən. Buna Atabəy məmləkətində yaşayan milyonlarca xalq razılıq göstərib səni təbrik də edər. Qadınına gəldikdə, onun yaşaması üçün geniş imkan yaratmalısan. Mələkəlik rütbəsi isə aydındır. Vəliəhd kimdirsə, mələkə də onun anasıdır. Söhbətimiz burada bitir. İndi də sənin yazdığın məktub məsələsinə keçək. Əcəba, əlahəzrət mələkəyə göndərdiyi məktubu başqalarının əlinə düşməmək üçün etibarlı bir adamla göndərə bilməzdimi? Toğrul sual verdi: – Məktub mələkəyə çatmamışdırmı? – Çatmışdır, ancaq başqalarının vasitəsilə. – Mələkə bu hadisə ilə mənim vəziyyətimi təsəvvür etməlidir. Mənim hökdarlığım ancaq öz sarayımın içərisindədir. Mən düşmənlərlə əhatə olunmuşam. Taxta əyləşdiyim neçə aylara varır, məmləkətin heç bir tərəfindən təbrik məktubu almamışam. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir. Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam. Qətibə Toğrulun bu sözlərinə gülərək: – Əlahəzrət görünür ki, yenə də Qətibəni tanımamışdır. Mən bir günün içərisində Atabəyin qətli məsuliyyətini onun boynuna bağlaya bilərəm. Əlahəzrət özü Qızıl Arslanın qarşımda diz çökəcəyini görəcəkdir. Özü də tez bir zamanda, – dedikdə, Toğrul da: – Mən ülyahəzrət mələkəni tanımasaydım, onunla bərabər belə bir məsul işdə iştirak etməzdim. Mələkəyə qəti söz verirəm, o, paytaxta gələndən sonra bütün məqsədləri həyata keçiriləcəkdir, – dedi. * * * Tarixi ziyafət Bu gün Gəncədə verilən ziyafət tarixi bir ziyafət idi. Bu gün Fəxrəddin Azərbaycan ordusu ilə bərabər Cənubi Azərbaycana yola düşəcək idi. Bu ziyafətin ikinci əhəmiyyəti Bağdaddan Fəxrəddinin anasının görüşünə gələn Dürrətülbağdadın ziyafətdə iştirak etməsində idi. Ziyafətdə Dürrətülbağdadın tərbiyə etdiyi Süsən və Fənhasın tərbiyəxanasında İbrahim Müvəssil tərəfindən yazılmış musiqi dərslərini keçmiş Dilşad xanım iştirak edəcəkdilər. Ziyafətdə şair və ədiblərin və ordu ilə gedənlərin özləri və ailələri iştirak edirdi. Fəxrəddinin ordusunu və özünü müşayiət etmək üçün Bağdad əsirliyindən qurtarmış qızların hamısı Gəncəyə gəlmiş və ziyafətə dəvət edilmişdi. Ziyafət başlanmamışdı, sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. Qızlar və gəlinlər əllərində gül dəstələri hazırlayaraq gələn qonaqlara təqdim etmək üçün saxlamışdılar. Ziyafət məclisinin yuxarı başında üç boş kürsü qoyulmuşdu. Bu kürsüləri bütün ziyafətdəkilər gözdən keçirirdi, çünki kürsülər tarixi kürsülər idi. Kürsülər Əmir İnanc, onun qadını Safiyə xatun və qızı Qətibənin ziyafət zamanlarında oturduqları kürsülərdən ibarət idi. Ziyafət salonunun böyük və iki taylı qapısı birdən açıldı. Üç nəfər salona daxil oldu. Onlardan birisi Nizami, ikincisi şairin qadını Rəna, üçüncüsü də böyük sənətkar Məhsəti xanım idi. Şairləri salamlamaq üçün qızlar, gəlinlər bir-birinin dalınca cərgə ilə növbəyə durmuşdu. Ən qabaqda Dürrətülbağdad durmuşdu. O, Nizami və Məhsəti xanımla hamıdan artıq maraqlanırdı. Fəxrəddin irəli keçib Dürrətülbağdadı şairlərə təqdim edərkən dedi: – Rəhmətlik qardaşımın qadınıdır. Anamın görüşünə gəlmişdir. Dürrətülbağdad irəli gəlib qabaqca Məhsəti xanımın, sonra da Nizaminin əlini öpərkən Fəxrəddin Rənanı tanış edərək: – Bu xanım da böyük şairin həyat yoldaşı Rəna xanımdır, – dedi. Görüşdülər, danışdılar, “xoş gəldin, səfa gətirdin”dən sonra son gələn qonaqlar keçib kürsülərdə oturdular. Ziyafətdə olanlar ancaq Məhsəti xanıma baxırdılar. Onun təmiz və kağız kimi ağarmış saçlarında, açıq və qocalıqda belə ay kimi parlayan alnının cizgilərində, bütün həyatında azad bir günəşə baxa bilməyən göz bəbəklərində yaşadığı qəmli tarixin tablolarına tamaşa edirdilər. Onun sağında Nizami, solunda isə Rəna oturmuşdu. Məhsəti xanım qoca olduğundan əlavə xəstə idi. Lakin o, bu ziyafətə gəlməyə bilməzdi. Çünki o, evdə oturduğu zaman nə Nizami, nə də Rəna onu yalnız buraxıb bir tərəfə getməzdilər. Ziyafət başlandı. Birinci növbədə Süsən udu əlinə alaraq çalıb-oxumağa başladı: Günəşlərdə çimən, güldən rəng alan, Bahar çiçəyindən səfalı qızlar! Qaşında oynayan, gözündə çalan, Əyri baxan zaman, can alı qızlar! Bir ceyran qaçmışdır Aran dağından, Bir güldür dərilib öz budağından, Həyat suyu axır bal dodağından, Baxışları qanlı-qadalı qızlar. Mina gərdəni var, sürahı beli, Zülfünün darağı baharın yeli; Saçına bağlanmış bir Aran eli, Günəş çöhrəsindən ziyalı qızlar. Çiçəkdən incədir, sudan təmizdir, Bahar şəbnəmindən doğulan qızlar. Bu necə qaş-gözdür, bu nə bənizdir, Ey uca dağların maralı qızlar! Süsən bunları oxuyandan sonra, dönüb Dilşada tərəf baxıb oxudu: Udunu danışdır, danışsın bülbül, Çıxsın qonçaların qucağından gül, İqbal bizə gülür, ay qız sən də gül, Eşitsin səsini vəfalı qızlar! Məhsəti xanım Süsənin səsini və sənətini təqdir edərkən dönüb Dilşadın üzünə baxdı. O, Dilşadın səsini, onun musiqi sənətindəki məharətini olduqca bəyənirdi. O daima Dilşadı yanına çağırıb oxudur və məşğul olurdu. Dilşad, Məhsəti xanımın bu baxışlarından nə demək istədiyini dərhal hiss edərək sualverici bir baxışla Fəxrəddinin üzünə baxdı. Fəxrəddin də Dilşada icazə verib: – Oxu Dilşad, bizim bundan şad günümüz olmayacaqdır, – dedi. Dilşad udu götürüb pərdələrini düzəltdi, oxumaq istərkən Məhsəti xanım ona işarə edərək: – Qızım, haman qəzəli oxu, – dedi. Dilşad çalıb oxumağa başladı: Saçdıqca şərər eşq odu bimar tənimdən, Atəşgədələr doğmadadır pirəhənimdən. Mən öylə fəlakətzədə bir bülbüli-zarəm, Şərməndə keçər bad-səbalar çəmənimdən. Bir şəm sifət söndüğüm aləm bilir, ancaq, Pərvanə köçəndən bəri beytülhəzənimdən. Bir şairi-biqədri-həzinəm, fəqət ölsəm, Yüz təzkirə təhrir edəcəklər kəfənimdən. Həzar mərtəbə rəftəm zi Misr ta Kənan Bə qeyri çeşmi Züleyxa kəsi bərah nəbud! Nizami Məhsəti xanımın əlini öpərək dedi: – Bir xalqı məhv etmək istəyirsənsə, onun əlindən üç şeyi al: dilini, şerini, musiqisini. Düşmənlərimiz bizim ilə başladıqları mübarizəni buradan başladılar. Lakin xalqımız ölməzliyini böyük mübarizələrdə təcrübədən keçirdi. Buna görə də mənim anam və ustadım yerində olan Məhsəti xanım özünün əbədi yaşamasından əmin olmalıdır; çünki sizin kimi insanların yaratdığı cavahirlər çürüməz və tarixdən silinməz cavahirlərdir. Bir zaman gələcəkdir ki, vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəkdir. Qaydadır, ən ləziz və şirin meyvələr belə öz mövsümündə insanların xoşuna gəlməz. Nizami Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. Nəhayət, Dürrətülbağdada müraciət edib: – Siz də bir-iki şeir oxuyun, – dedikdə, ziyafətdəkilərin hamısı ricaedici bir vəziyyət alaraq Dürrətülbağdada tərəf baxdılar. O heç bir etiraz etmədən oxudu: Dürrətülbağdad oxuyandan sonra Məhsəti xanım Süsəni səsləyərək dedi: – Süsən, udu gətir bura! Ziyafətdə olanların hamısı əllərini yemək-içməkdən çəkib Məhsəti xanıma baxmağa başladılar. Məhsəti xanım udu əlinə alıb dedi. – Səsimi son dəfə eşidirsiniz. Sizinlə vidalaşıram. Siz əmin olun ki, həyatım indi olduğu kimi keçsəydi, nə qocalıq, nə də xəstəlik mənə qalib gələ bilməzdi. Məhsəti xanım bu sözləri deyib gözünün yaşını sildi və bu rübaini oxudu: Təlxəst həmişə eyşi-ərbabi-hünər, Zin ruyi namizənəd kəsi abi-hünər. Əz atəşi-cəhlü xakisaran guya Bərbad şüdəst dər cahan babi-hünər. Dünyanı öz səsi və öz musiqisi ilə titrədən böyük sənətkarın əlləri titrəyirdi. O, bir neçə rübai oxudu. Dürrətülbağdad ayağa qalxıb: – Böyük müəllimə! – deyərək, Məhsəti xanımın əlindən öpdü. Məhsəti xanım yorulmuşdu, başını Rənanın çiyninə söykəyib oturmuşdu. Böyük şair Nizami ziyafət məclisinə göz gəzdirib danışdı: – Mən bir həqiqəti təkrar etməyə lüzum görmürəm. Mən bu gün bir daha qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. Burada öz sənətlərini nümayiş etdirən qadınlar incəsəntin ən yuxarı dərəcəsini mənimsəmişdir. Buna çox da təəccüb etməməliyik. Çünki qadının özü də təbiətin bir çox möcüzələri cərgəsində incəsənət adlanır. Bunun üçün də mən hörmət bəslədiyim böyük İran şairi Firdovsi ilə qadın məsələsində barışa bilmədim. Böyük Firdovsi bu məclisdə olsaydı, özünün tərbiyə qanunları əleyhinə yazdığı şerlərini cırıb atardı. O öz şeirlərində tərbiyənin nəsli və fitri olduğunu iddia edir və deyirdi ki: “Alçaq və tərbiyəsiz ailədən doğulan bir qızı nəcib və kübar ailədə bəsləmiş və tərbiyə etmiş olsan da, yenə o özünü bir qadın kimi hiss etdiyi zaman öz anasının getdiyi yolu davam etdirəcəkdir”. Firdovsi deyirdi ki, “qara qarğanın yumurtasını cənnətdəki tovuzun altına qoyasan, yumurtadan çıxdığı zaman onu cənnət əncirlərinin dənələri ilə bəsləyəsən, yenə o böyüdükdə qarğa balası olacaqdır. Cənnət tovuzuna isə quru bir zəhmət qalacaqdır”. Firdovsi başqa bir yerdə yazır ki, “əgər yoğuluşu acı olan bir ağacı gətirib cənnət bağının torpağında əkəsən, onu cənnətin məşhur suyu olan Kövsər çeşməsindən suvarasan, yenə də o, meyvə gətirdiyi zaman meyvəsi acı olacaqdır”. Lakin hazırda bizim gözümüzün qarşısında oturan qadınlar o fikirlərin hamısını yalanladı. Burada oturanların heç birisi zəngin, kübar və Firdovsinin nəcib dediyi ailələrin içərisindən çıxan qızlar deyil. Hamısı sənətkar, kəndli, çoban və yoxsul qızlarıdır. Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər! Nizami sözünü bitirəndən sonra qızlar yenə də oxuyub-çaldılar. Bu halda qapı açıldı. Gözəl, yanında oğlanları Əbubəkr və Özbək içəri girdi. Fəxrəddin dərhal yerindən qalxdı, Gözəli tanıyan və tanımayanlar da onun gəlişini bir hadisə hesab edərək təəccüblə ayağa qalxdılar. Gözəl ziyafət salonunu dərin və fikirli bir nəzərlə süzdü, ağır qədəmlərlə irəli gedib başını Nizami və Məhsəti xanımın önündə əydi və onların əlindən öpdü, sonra da oğlanlarının qolundan tutub məclisə təqdim etdi: – Məmləkətin hüdudlarını qorumaq üçün gedən qəhrəman ordunuza mənim də oğlanlarımı qəbul edin. Bunlar da həqiqi azərbaycanlılardır. Oğlanlarım ordunuzun başını aşağı etməzlər. Bunlar da birər qəhrəmandır. Hətta sizin tarixi bir qəhrəmanınızın nəvələridir. Gözəl bu sözləri dedikdə, Nizami ayağa qalxıb oğlanları öpdü. Fəxrəddin bir daha öz bacısı qızı və bacısı nəvələrini ziyafətdəkilərlə tanış elədi. Məhsəti xanım qalxıb getmək istərkən, üzünü ziyafətdəkilərə tutub danışdı: – Vətənin o tərəf-bu tərəfi olmaz, onun hər ovuc torpağı, hər parça daşı sevimlidir. Biz gəncliyimizdən vətənimizi sevdik, lakin öz sevgilimizlə azad yaşamaq imkanını qazana bilmədik. Bu gün Cənuba gedən ordumuz sevimli vətəndə azad yaşamaq imkanını qazanmaq üçün gedir. Sağ-salamat gedib qələbə ilə qayıtmağınızı arzu edirəm. Yaxşı yollar, yaxşı uğurlar olsun! * * * Bağdad və Həmədan üzərinə Ziyafətdən on gün keçirdi. Aranın hər tərəfindən Gəncə altına yığılmış ordu hərəkət edəcəkdi. Əlli mindən ibarət olan ordu iki hissəyə bölünüb birisi Naxçıvan, o birisi də Xudafərin körpüsü vasitəsilə Araz çayını keçib Təbrizə gedəcəkdi. Seyid Əlaəddin iyirmi beş min nəfərlə Naxçıvana gedib, oradan yığılan atlıları özü ilə bərabər götürmək üçün iki gün əvvəl Arandan hərəkət etmişdi. Fəxrəddin isə iyirmi beş min nəfərlə Qarabağ qoşununu götürüb Qaradağ-Əhər yolu ilə Təbrizə girəcəkdi. Ordunu yola salmaq üçün bütün Aran xalqı yolların kənarında düzülmüşdü. Əllərində gül dəstəsi duran minlərcə gəlin Fəxrəddinin atının görünməsini gözləyirdi. Ordu “Piran” qəbiristanının yanında dayandı. Fəxrəddin atdan düşüb Gözəlin oğlanları ilə bərabər palçığı qurumayan bir qəbrə yanaşdı. Nizaminin başında gələn ziyalılar dəstəsi də gəldi. Onlar da atlarından piyada olub qəbrə yanaşdılar. 25 minlik ordunun bayraqları qəbrin üzərinə əyilib onu salamlayırkən, minlərcə gəlinlərin gətirdikləri gül dəstələri qəbrin üzərinə qoyuldu. Fəxrəddin üzünü orduya tutub danışdı: – Biz bir həftə bundan qabaq heç bir xalqa və heç bir məmləkətə mümkün olmayan bir cavahiri burada basdırdıq. Bizə böyük bir mədəni irs buraxan və adını dünya tarixində yazdırmağa layiq olan bu mazarın sahibi ömründə bir gün də olsa azad həyat keçirə bilmədi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. Hazırda biz böyük Məhsətinin məzarının qarşısında durub and içirik: “Sənin həyatını zəhərləyən və sənə azad yaşayış imkanı verməyənlərlə bir qətrə qanımız qalıncaya qədər mübarizə aparacağıq. Səni sürgün edənləri yalnız Azərbaycandan deyil, həyat dünyasından sürgün edəcəyik! Sənin düşmənlərindən almaq istədiyimiz intiqam duyğuları bizi son qələbələrə qədər aparacaqdır. Sənə and içirik! Yaxınlarda bu qəbri böyük qələbə xəbərləri ilə salamlayacağıq! İnan bizə, yanında diz çöküb and içirik!” Nizami və bütün ədiblər Məhsəti xanımın qəbrinin önündə diz çökdülər, bayraqlar bir daha baş endirdi. Sonra Nizami ilə Fəxrəddin öpüşüb vidalaşdı. Ordu hərəkət etdi. Fəxrəddin qəbrə baxdığı zaman sanki son kərə ziyafətdə eşitdiyi səsi bir daha qəbirdən eşidirdi: Təlxəst həmişə eyşi-ərbabi-hünər, Zin ruyi namizənəd kəsi abi-hünər. Əz atəşi-cəhli xaksaran guya Bərbad şüdəst dər cahan babi-hünər. Şimali Azərbaycandan Təbrizə gedən ordunu istiqbal etmək üçün Qızıl Arslan Təbriz əyanları və Təbriz alimləri ilə bərabər Acı çayının kənarına qədər gəlmişdi. Ordu iki tərəfdən Acı çayına yanaşırdı. Naxçıvan yolu ilə gələn elliminlik ordu Sofiyandan, Qaradağ-Əhər yolu ilə gələn iyirmiminlik bir ordu isə Təbrizin şərq tərəfindən gəlib çaya yanaşırdı. Qızıl Arslan ipəkdən qurulmuş çadırın qapısında qoyulmuş qızıl kürsünün üstündə oturub Əlaəddin və Fəxrəddinin rəhbərliyi altında gələn orduları gözdən keçirdiyi zaman vəziri Şəmsəddinə tərəf dönərək: – Qızıl Arslanı məğlub etmək olmaz! İdarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır! – dedi. Gəncə və Şamaxı ipəklərindən düzəlmiş bayraqlar yaxınlaşdı. Qızıl Arslan həyəcan və şadlığından ayağa qalxdı. O, sərkərdənin bayraqlar altında gəldiyini hiss edərək, Fəxrəddini görməyə tələsdi. O, Fəxrəddinin Atabəylə olan müharibələrdə göstərdiyi qəhrəmanlığı eşitmişdi. Onunla məktublaşmışdı, lakin bu gün onu birinci kərə görəcəkdi. Bayraqdarlar qırmızı ipək çadırın başındakı qızıl qübbəni görən zaman, hökmdarın çadırı olduğunu anlayaraq bayraqları əyib Qızıl Arslanı salamladılar. Bayraqdarların dalınca gedən şeypurçular qoşuna “Hazır ol!” – işarəsi verincə, qırx min qılınc bir kərə qınından çıxdı. Günəşin işığından şəfəqlənən qılınclar qırx min ildırımın birdən şığıdığını andırdı. Qızıl Arslan Fəxrəddini salamladığı zaman Əbubəkr və Özbək atlarından piyada olub Qızıl Arslanın qarşısında diz çökub yeri öpdülər. Fəxrəddin isə onları təqdim edərək: – Mərhum Atabəyin oğlanları Əbubəkr və Özbəkdir, – dedikdə, Qızıl Arslan onları qaldırıb bağrına basdı və hönkür-hönkür ağladı, vəzirinə dönərək: – Qardaşım diridir, ölməmişdir! – dedi. Ordu keçdi. Bütün şəhər, bazar-dükanları bağlayıb küçələrə çıxmışdı. Qardaşların qardaşları istiqbal etmək üçün düzəltdikləri təntənənin bərabərini indiyə qədər Təbriz şəhəri görməmişdi. Şadlananlar, gülənlər, gül atanlar, hətta sevindiyindən ağlayanlar da var idi. Saraylarda, evlərdə, karvansaralarda və yaxın kəndlərdə qoşun əlindən tərpənmək mümkün deyildi. Buna görə də Qızıl Arslan Təbrizdən tez bir surətdə Həmədan tərəfinə köç verməyi qərara almışdı. Qızıl Arslan Təbrizdən hərəkət etmədən əvvəl geniş bir müşavirə məclisi təşkil etdirdi. Müşavirədə Şimali Azərbaycandan Əlaəddin və Fəxrəddin iştirak edirdi. Qızıl Arslan müşavirədə xətt-hərəkət məsələsini qoymuşdu. O, müşavirədə iştirak edənlərlə söhbət etdiyi zaman birinci növbədə vəziyyət haqqında məlumat verib dedi: – Hazırda bizim qarşımızda iki cəbhə vardır. Onlardan birisi sərhədlərimizdə gedən mübarizə cəbhəsidir. İkincisi də düşmənin daxildə bizə qarşı düzəltdiyi cəbhədir. Düşmən daxildə Toğrulu tamamilə öz əlinə almışdır. Demək olar ki, paytaxtımız tamamilə düşmənin əlinə keçmişdir. Hazırda məmləkəti də, məmləkətin hökmdarı olan Toğrulu da xarici düşmənlərin daxilimizdə işləyən xəfiyyələri, casusları idarə edir. Bir tərəfdən Qətibə xatun, o biri tərəfdən də Zəhir Bəlxi Toğrulun ruhuna girib məmləkəti paylaşdırmaq istəyirlər. Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır. Sərhədlərdən köhnə qoşunları götürüb yerlərinə təzə və inandığımız dəstələrdən təyin etməliyik. Köhnə sərhəd qoşunlarının ruhu, əcnəbi təbliğatının nəticəsində tamamilə zəhərlənmişdir. Mən elə məsləhət görürəm ki, Xarəzm və İraq sərhədlərinə Azərbaycan qoşunlarını göndərmək lazımdır, biz ancaq özümüzə inana bilərik. Üçüncüsü də güclü bir ordu ilə Həmədana girmək və əcnəbi ünsürləri paytaxtdan təmizləmək lazımdır. Fəxrəddin Qızıl Arslanı diqqətlə dinləyirdi. Lakin Qızıl Arslan Fəxrəddinin müşavirədən gözlədiyi əsas məsələyə keçməyərək Toğrulun taxtından düşürülməsi işindən bir kəlmə olsa da danışmadı. Buna görə də Fəxrəddin Qızıl Arslana sual verdi: – Əlahəzrət, Toğrulun müqəddəratı barəsində fikriniz nədir? – Məncə, Toğrulu öz taxtında qoymaq və ona qəti tapşırıq vermək lazımdır. Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. Siz yaxşı bilirsiniz ki, məmləkətin idarəsi işində padşahın şəxsində çox az iş vardır. Biz başlıca olaraq onun məmləkət işini tapşırdığı adamların simasını və iş üçün dəyərli olub-olmamasını öyrənməliyik. Toğrulun özü möhkəm iradəyə malik bir hökmdar olsaydı, onun ətrafında olanların dəyərsizliyi məni heç də düşündürməzdi. Ümumiyyətlə, Şərq hökmdarlarının ətrafındakı işçilərin dəyərsizliyi hökmdarların özünün dəyərsizliyindən doğur. Bəzən Toğrul kimi dəyərsiz hökmdarlar dəyərli işçiləri idarə etməyin çətin olduğunu hiss edincə, öz ətrafına dəyərsiz və şüursuz adamları cəlb edirlər. Bəzən də hökmdarın dəyərsizliyi dəyərli vəzirləri də dəyərsizliyə məcbur edir. Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. Çünki onlar dəyərsiz padşahın ruhunu aldadırlar. Onlar Toğrul kimi cahil və iradəsiz bir hökmdarı tərif edə-edə inandırırlar. Hökmdar doğrudan da özünün xariqüladə bir şəxsiyyət olduğuna inanır. Madam ki, hökmdarın özü yaltaq axtarır, o zaman yaltaqları təqsirləndirməyə haqqımız vardırmı? Məmləkətin ən qorxulu düşmənləri padşahın şəxsiyyətini böyüdən və onu özü haqqında iştibaha salan adamlardır. Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. Onlar öz sənətlərini ancaq saraylarda ikmala yetirirlər. Yaltaqlar hökmdarın ağzından çıxan hər bir adi sözü Quran ayəsi kimi və asimani sözlər kimi təbir edərək onun özünə satırlar. Əcnəbi düşmənlər üçün padşahın özü yox, onun yanındakılar lazımdır. Onlar padşahın ətrafındakıları ələ almağa çalışırlar. Bizim bədbəxtliyimiz burasındadır ki, Toğrulun yanındakıların hamısını düşmənlər təyin eləmişdir. Buna görə də biz Toğrulun ətrafını yoxladığımız zaman o qədər də çətinlik çəkməyəcəyik, çünki yaxşını yamandan ayırmağımız lazım gəlməyəcəkdir. Bu sözlərdən sonra Əlaəddin Qızıl Arslana sual verdi: – Qütlüğ İnancın Rey hökumətində qalıb-qalmamasına dair fikriniz nədir? – Hazırda onu iş başından götürmək aralıqda gəzən dedi-qoduların genişlənməsinə səbəb ola bilər. Eyni zamanda, ona, Qətibənin təsirinə düşərək xarəzmlilərlə alış-verişə girməyə imkan verməyəcəyik. Müşavirə bitdi. Bir gün sonra qoşun iki xətt ilə Həmədan və İraqa irəliləməyə başladı. Onlardan birisi Təbriz Qəzvin xəttilə Həmədana, o biri hissə isə Bisütun tərəflərinə irəliləyəcəkdi. İki tərəfdən hücum edən ordu Bisütunda birləşəcək, Kirmanşah və Sərpul təriqilə Bağdadı mühasirə üçün gedəcəkdi; çünki Bağdad xəlifəsi Nəsirəddinbillahın özü də iraqlıları başına yığıb Toğrulun Bağdad qapısı olan Həmədandan köçürülməsi üçün hazırlıq aparırdı. * * * Qızıl Arslan yanındakı ordudan iyirmi min nəfər ayırıb Həmədan şəhərini işğal etmək üçün gedirdi. Toğrul Qızıl Arslanın Həmədana yaxınlaşdığını görüncə, onun qoşunla bərabər Həmədana girməməsi üçün bir heyət göndərdi. Əmrnamə məktubunda deyilirdi: “Paytaxtın vəziyyəti sənə məlum deyildir. Neçə müddətdir ki, qoşunun arasında üsyan davam edir. Azərbaycan qoşunu paytaxta yaxınlaşdığı zaman, iki qoşun arasında toqquşma baş verməsi ehtimalı vardır. Sən mənim iraqlılarla bağladığım müqavilədən xəbərsiz deyilsən. Xəlifənin məsləhəti ilə bağlanan müqavilədə İraqda və Həmədanda ancaq İraq qoşunlarının qalması şərt qoyulmuşdur. Buna görə də mən Azərbaycan qoşununun Həmədana, Bağdada və İraq-Ərəbə yaxınlaşmasına icazə vermirəm. Paytaxtdan icazəsiz bu qədər qoşunu səfərbərliyə alıb bu tərəflərə gətirməməli idin. Sənin bu hərəkətin qonşu hökumətlərlə olan dostluq əlaqəmizə fəna bir surətdə təsir edə bilər. Məktubu alan kimi qoşunları geriyə qaytarıb Azərbaycanın işləri haqqında məlumat vermək üçün hüzuruma gələrsən. Sənə qəti əmr verirəm: göndərdiyi qoşun Bisütundan o tərəf keçməməlidir. Xəlifə Nəsirəddinbillahdan aldığımız göstərişə görə Kirmanşah, Xanəqinə, Mahüdəşt, Şəhrəban və Qızıl Rübat tərəfləri Darüssəlam dairəsinə daxildir. Bu yerlər xəlifənin öz himayəsində olduğu üçün ayaq basılmazdır”. Qızıl Arslan Toğrulun göndərdiyi məktuba əhəmiyyət vermədi, oxuyub qəhqəhə ilə güldü və vəziri Şəmsəddinə müraciət edib: – Əlahəzrət icazə vermir, – dedi və qoşunun hərəkət etməsinə əmr verdi. Ordu Həmədana daxil oldu. Azərbaycan qoşunu şəhəri mühasirəyə alıb bir həftəyə qədər çadırlarda oturdu. Nəhayət, Qızıl Arslan qoşunun Bisütuna çatdığını və İraq ilə Həmədanın əlaqəsini kəsdiyini xəbər alınca öz sərkərdələri və vəzirləri ilə bərabər Həmədana girdi. Qətibənin göndərdiyi matəm heyəti Qızıl Arslanı şəhərin kənarında qarşıladı və Qətibənin göndərdiyi məktubu verdi. Məktubda bu sözlər yazılmışdı: “Mərhum qardaşınız üçün bir hökmdara layiq təziyə saxlamaq mümkün olmamışdı. Hökmdarın gəldiyini eşidib mərhumun təziyəsini təzələdim. Buna görə də Atabəy sarayına təşrif gətirib təziyədə iştirak edənlərin başsağlığını qəbul edəsiniz”. Qızıl Arslanın Atabəy sarayına getdiyi küçələrin hər tərəfi Azərbaycan qoşunları tərəfindən əhatə edilmişdi. Toğrulun tapşırığına görə Həmədan əyan və alimlərindən bir nəfər də olsa Qızıl Arslanın istiqbalında iştirak etmədi. Hətta qoşun və qoşun rəhbərləri də istiqbal edən dəstələrin içərisində görünmədi. Qızıl Arslanı istiqbal edənlər səmimi vətənpərvərlər və məmləkətin nicat yolunu Qızıl Arslan tərəfdarlığında görənlər idi. Küçələrdən: “Yaşasın Qızıl Arslan! Yaşasın Azərbaycan!” səslərindən başqa bir səs eşidilmirdi. Sarayın qarşısına yığılanlar işdən qovulan, nahaq cərimə edilən, mülkü və evi alınan, ticarət və dükanı İraq qoşunları tərəfindən qarət edilən azərbaycanlılardan ibarət idi. Atabəy meydanına yığılan bu qədər xalq Qızıl Arslanı görünçə bir daha “Yaşasın Azərbaycan hökmdarı!” – deyə qışqırdı. Qızıl Arslan və Atabəy Məhəmmədin oğlu gənc Əbubəkr atlarından piyada olub Atabəy sarayına daxil oldular. Onları yüzlərcə qulam və cariyələr istiqbal edib böyük salona gətirdilər. Qətibə xatun başından ayağına qədər qara matəm libasında Qızıl Arslanı qarşıladı və: – Xoş gəlib səfa gətirdin, hökmdar! – deyərək ağladı. Qızıl Arslan isə onun əlini öpərkən: – Mələkədən üzr istəyirəm. Atabəyin facianə ölümü barəsində məktub aldığım zaman təziyənizdə iştirak edə bilmədim. Çünki facianə ölümün xəbəri məmləkət daxilində rahatsızlığa səbəb olmuşdu. Hazırda mələkəyə bəyani-təziyət vermək və onun səhhətini soruşmaq üçün gəldim. Bu sözdən sonra Atabəy Məhəmmədin oğlu Əbubəkr irəli keçib ögey anasının əlini öpmək istərkən, Qətibənin heyrətli gözləri öz qarşısında sanki Atabəyin durduğunu görüb diksindi. Qızıl Arslan onu Qətibəyə təqdim edib: – Bu sizin oğlunuzdur. Anasına bəyani-təziyət vermək üçün gəlmişdir, – dedikdə, Qətibə də: – Oğlum! – deyərək onu bağrına basıb öpdü və ağladı. Atabəy sarayının yüzlərcə qulam və cariyələri iki saatdan bəri Qızıl Arslan və Əbubəkri rahat etmək və çimdirməklə məşğul oldu. Nəhayət, onlar Qətibə xatunun düzəltdiyi şam süfrəsinin başına dəvət olundular. Qətibənin özü şam süfrəsində iştirak etmədi, çünki qadınla kişilərin bir süfrədə oturması adət deyildi. Qızıl Arslan yemək süfrəsindən qalxmaq istərkən Fəxrəddin daxil olub şəhərin vəziyyəti barəsində məlumat verdi: – Hüsaməddin həbsə alınmışdır. Qoşun tamamilə tərk-silah edilibdir. Əlahəzrət Toğrulun vəzirlərinin hamısı öz evlərində həbsə alınmışdır. Əlahəzrətin saray qarovulları tərk-silah edilərək, yerlərinə Azərbaycan qoşunlarından təyin edilmişdir. Çadırlarda yerləşə bilməyən qoşunlar şəhərə daxil olub karvansaralarda və böyük evlərdə yerləşmişdir. Qoşuna yemək vermək üçün xüsusi dükanlar göstərilmişdir. Şəhərin əmniyyətini təmin etmək üçün gəzmə qoşun dəstələri çıxarılıbdır. Zəhir Bəlxi və Kəmaləddini indiyə qədər ələ keçirmək mümkün olmamışdır. Onların bir həftə əvvəl Həmədandan qaçdıqlarını söyləyirlər. Fəxrəddin məruzəsini bitirəndən sonra Qızıl Arslan əlavə əmrlər verib dedi: – Hər nə deyirəmsə, yadından çıxmamaq üçün dəftərinə yaz! Bu saat Həmədan şəhərinin qazısını və xətibi həbsə aldır. Azərbaycan ordusunun istiqbalına çıxmayan şəhər əyanları və şəhər ülamasının siyahısını tutub bir nəfərinə qədər həbsə aldır! Həmədan qalasını Azərbaycan qoşununun üzünə açmaq istəməyən qələbəyini darvazanın qabağında asdır və günahını yazdırıb döşünə yapışdır. Dükanlarını açmayıb şəhərə bahalıq salmaq istəyənlərin hamısını həbsə al və mallarını, evlərini qarət etdir. Həmədan şəhərindən bir nəfər də olsa kənara adam buraxmayın. Sabahdan etibarən hökumət idarələrində məsul işlərdə çalışanların siyahısını tutub, kimliyini təyin edin. Bütün dediklərimi həyata keçirəndən sonra yazılı olaraq əlahəzrət Toğrula belə xəbər verərsiniz: “Əlahəzrətin hökmranlığını müdafiə və onun taxt-tacını möhkəm etmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirdik. Əlahəzrətin bu barədə əlavə fərmanlarını gözləyirik. Həmədan şəhəri qoşununun fövqəladə mühafizə rəisi Fəxrəddin” Fəxrəddin baş endirib getmək istədikdə, Qızıl Arslan onu dayandırıb: – Bütün şəhərə elan verdirərsən, küçələrə carçı saldırıb əhaliyə bildirərsən: cümə günündən başlayaraq mərhum Atabəyin təziyəsi saxlanmalıdır. On gün tamam şəhərin bütün fəqirlərinə ehsan vermək lazımdır. Bunların hamısını həyata keçirilməsi üçün görülən işlər barəsində sabah axşam məruzəni eşidəcəyəm. Fəxrəddin baş endirib getdi. Qızıl Arslan da tək oturub Nizamiyə məktub yazmağa başladı: “Möhtərəm şair! Təbrizdən çıxdığım iyirmi bir gündür. Bunun on dörd gününü yolda olmuşam. Havaların istiliyi qoşunun sürətli hərəkətinə mane oldu. Biləks biz Təbrizdən Həmədana 9 günə gəlməli idik. Mən özüm ancaq rəcəbin yeddisində Həmədana gəlmişəm, bir həftədir ki, şəhərin kənarında oturub şəhərə girmiş Azərbaycan qoşunu ilə şəhər xalqının nə cür rəftar etdiyini öyrənirdim. Təsadüf etdiyim maraqlı hadisələrdən birisi Həmədan üləma və Həmədan ruhanilərinin Azərbaycan ordusuna qarşı aldığı düşmənanə vəziyyətdən ibarətdir. Şübhəsizdir ki, mən şəhəri işğal edən qoşuna, üləmaya, ruhanilərə toxunulmaması və ehtiram göstərilməsi barəsində xüsusi tapşırıq vermişdim. Lakin bir həftədən bəri şəhərin vəziyyətinə dair əldə etdiyim məlumatda, ruhanilərin məscidlərdə əleyhimizə təbliğat apardıqları xəbər verilir. Xüsusən qazı və xətibin minbərlərdən əhaliyə: “Bəla dənizlərinin ləpələri gəlir” – deyə bizim gəlməyimizlə əhalini qorxuya salması məni düşündürür. Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. Doğrudan da, Şərqdə (İslam Şərqində) vücuda gələn ixtilafların əsas mənbəyi din qanunları ilə hökumət qanunlarının qohum olmasındadır. Buna görədir ki, bir çox təsadüflərdə ruhanilər bilavasitə hökumət qanunlarının icraya keçməsi işində iştirak edir və hətta hökumət kişilərinə təsir göstərməyi də bacarırlar. Məmunun xülasələrinin əsas yeri də bu nöqtədən ibarətdir. Lakin, hazırda biz məsələni açıq qoya bilmədiyimiz kimi, Məmun da öz xülasələrində sözünü açıq deyə bilməmişdir. Mən belə bir etiqada gəlmişəm ki, xülasədə Məmunun hədəf etdiyi nöqtə Qurandan ibarətdir. O demək istəmişdir ki, hökuməti əsri qanunlar, yəni mühit və şəraitdən alınan təcrübələr əsasında qoyula biləcək qanunlarla idarə etmək lazımdır. Ancaq bu yolu əsas tutmaqla Quranın və ruhanilərin nüfuzunu məscidlərin çərçivəsində bağlayıb saxlamaq mümkün olardı. Həmədan üləmasının mənə qarşı aldığı düşmənanə vəziyyət də göstərir ki, məmləkətin alimləri və ruhaniləri üçün möhkəm və iradəli hökmdar əlverişli deyildir. Onlar üçün zəif hökmdarlar gərəkdir ki, hökumət işlərinə asan bir surətdə müdaxilə edə bilsinlər. Bilmirəm, Məmunun xülasələrində olan əsas nöqtələrdən birisi olan Quran tərcümələri məsələsinə diqqət verdinizmi ya yox? Məmunun bütün təğyir və tərcümələrini müqayisə etdirməkdən məqsədi hər bir ruhaninin və hər bir təğyirçinin Quranı öz şəxsi məqsədinə uyğun bir surətdə təğyir etməsi macərasını meydana çıxarmaq istəməsi məqsədindən ibarət imiş. Məncə, biz buna nail ola bilsəydik, böyük bir iş görmüş olardıq. Biz onda xalqa göstərə bilərdik ki, doğrudan da, Quranla hökuməti yoxdur, ancaq dini idarə etmək lazımdır. Ruhanilərin avam xalqı öz tərəflərinə çəkə bilməsi və onları Quranın qara cildinə təhkim edib saxlaya bilməsi səbəblərinin başlıcası peyğəmbərə xariqüladə sifətlər verməklərindən ibarətdir. Mən hələ Təbrizdə ikən Məhəmmədin meracına dair yazdığınız əsəri aldım. Onu özümlə bərabər götürmüşdüm. Yolda diqqətlə oxudum. Bədii cəhətləri olduqca xoşuma gəldi. Sonra əsərlə bərabər göndərdiyiniz məktubda mənə bir sual verib soruşursunuz: “Hökmdar, yaz görüm bu meracnaməni yazmaqda mən nə kimi bir məqsədi təqib etmişəm?!” Əlbəttə, əsas məqsədiniz o qədər də aydın deyil. Lakin bundan da aydın yazmağınızı məsləhət görməzdim. Çünki hələ çox tezdir. İndi sizin meracnaməni yazmaqdan əsas məqsədinizə keçək. Siz çox sənətkarcasına yazdığınız bu meracnamədə Məhəmmədin meracı məsələsini rədd edirsiniz və orada göstərirsiniz ki: “Məhəmməd göylərə, mələkut aləminə getmədi, onun fikri o qədər sürətli və iti idi ki, o yerində oturduğu zaman onun fikrinin atı yuxarı aləmləri seyr edə bildi. Təbiidir ki, bu fikir qismən peyğəmbərə verilən xariqüladəliyi azaldır. Ancaq bu yol ilə həqiqətə çatmaq olar. Ruhanilər Quranın həyati məsələlərdə olan ibtidailiyini gizlətmək istədikləri üçün onu anlaşılmaz bir şəklə salmağa və onun adi ünsürlərinə belə xariqüladəlik verməyə çalışırlar. Sizə demək istəyirəm ki, Şərq ruhaniləri bu silahı öz əllərindən çox asanlıqla buraxmayacaqlar. Doğrusu, bu işin gələcəkdə daha da dərinləşməsi və islam dünyasını fəlakətlərə salmasından qorxuram. Hazırda Həmədan ruhanilərini həbsə aldırmışam. Siz bilirsiniz ki, burası Şərq mövhumatını idarə edən Bağdad xəlifəsinin qulağının dibidir. O, işə müdaxilə edəcəkdir. Lakin mən öz işimi özüm istədiyim kimi aparacağam, silahlı qüvvəm olduqca güclüdür. Nəticəni isə yazaram. Həmədan, 7 rəcəb, Qızıl Arslan” * * * Qızıl Arslan Toğrulun görüşünə getmədi və onu bir hökmdar hesabına qoyub əlini öpmək istəmədi. Buna lüzum da yox idi. Çünki Atabəyə təziyə saxlandığı üçün Toğrul təziyə məclisinə gəlməli və Qızıl Arslanla orada görüşməli idi. Təziyənin birinci günü Toğrul öz oğlu Məlikşah ilə bərabər təziyə məclisinə gələcəyini xəbər verdi. O, məclisə daxil olduğu zaman Qızıl Arslan da təziyə məclisində olanlarla bərabər ayağa qalxdı. Toğrul əlini ona öpdürmək üçün hazırlandığı zaman Qızıl Arslan özünü bilməməzliyə vurub onun oğlu Məlikşahı qucaqlayıb öpdü və öz yanında əyləşdirdi. Toğrul təhqir olunduğunu heç bir kəsə sezdirmədən keçib yuxarı başda oturdu və Atabəyin oğlu Əbubəkri yanına çağırıb öpdü və kefini soruşdu. Toğrul təziyə məclisində çox otura bilmədi. Əvvələ, təhqir olunmuşdu. İkinci də, məclisdə özünə müqabil adamlar görmədi. Məclisdə olanlar tamamilə Azərbaycan qonşu sərkərdələri, bir də Həmədanda olan azərbaycanlılardı. Buna görə də qalxıb getdi. Bu hadisə Qızıl Arslanla Toğrul arasındakı açıqlığı bir daha genişləndirdi. Təziyə günləri bitmədən Qızıl Arslan işə başladı. Birinci növbədə Bağdad xətibi ilə Bağdad qazısını və qəzavətxana üzvlərini Həmədandan Bağdada sürgün etdirdi və yerlərinə başqalarını təyin etdi. Təzə təyin edilən qazılara ancaq din və məscid işləri ilə məşğul olmaları və hökumət işlərinə müdaxilə etməmələri tapşırıldı. İkinci təşəbbüs Toğrulun qarətçi vəzirlərinin məsələsini həll etməkdən ibarət idi. Onların bütün sərvətləri, malikanələri və ev şeyləri xəzinə hesabına alındı, özləri isə həbsə alınıb Şimali Azərbaycandakı Ələnciq qalasına göndərildi. Üçüncü təşəbbüs də xəzinədə olan qiymətli şeylərin yoxlanılması idi. Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. Qızıl Arslanın qərarına görə israflar və qiymətli şeylərin hamısı xəzinəyə qaytarıldı. Dördüncü təşəbbüs, hökumət idarələrinin yoxlanması idi. Yoxlama zamanı idarə işçilərinin əksəriyyətlə ərəblər və farslardan ibarət olduğu meydana çıxdı. Bunların hamısı Bağdad və fars vilayətlərinə sürgün edilərək yerlərinə azərbaycanlılar təyin olundu. Beşinci təşəbbüs də Toğrul üçün təzə vəzirlər təyini idi. Bu işə başlanıldı və onlara hökumət işlərini nə cür aparacaqları üçün vaxt ikən hazırlanmış göstərişlər və dəstürüləməl verildi. Altıncı təşəbbüs, vəliəhdlik məsələsindən ibarət idi. Qızıl Arslan Atabəy Məhəmmədin oğlu Əbubəkrə bir dəstə qoşun verib dedi: – Sən mənim köməkçim və vəliəhdimsən. Sən bu qoşunla Təbrizə gedib Azərbaycanı idarə edəcəksən. Şəmsəddin mənim vəzirimdir. Onun məsləhətlərini daima eşit. Gənclərdə fəaliyyət vardır. Qocalarda isə tədbir və həyat təcrübəsi vardır. Mükafat verdiyin şəxsiyyətlərin dəyərini yoxla; cəza verdiyin zaman bəşəri münasibətləri unutma, günahı tərəzinin bir gözünə, cəzanı da başqa gözünə qoyub ölç, artıq-əskik olmamasına imkan verməməlisən. Məhkəmələrdə xalq ancaq hökuməti görməlidir. Ruhaniləri və qazıları ancaq məscidlərdə və qəzavətxanalarda görməlidir. Din və məzhəbə qarşı çıxanların mühakiməsi zamanı qəzavət məhkəmələrində hökumətin qəti səsə malik olan nümayəndəsi olmalıdır. Bacarsan, kəndlinin xırmanından quşların belə toxum oğurlamasına imkan verməmə. Mülkədarların əşar qanununu ayaqlamasına imkan verməməlisən. Özünü o qədər adil göstərməlisən ki, dul qadınlar belə dərdini sənə demək üçün gəlsinlər. Xalqdan heç bir vaxt gizlənmə, çünki hökmdar xalqın içərisində olduğu zaman nüfuzlanır. Xalqın böyük-kiçiyinə hörmət qoy. Rəiyyətin varlısı da, yoxsulu da rəiyyətdir. Onların hamısını bir gözdə görməlisən. Şairlər, ədiblər və alimlərin söhbətlərini qənimət bil. Ümumi məclislərdə lazım olmayan sözləri danışma, çünki hökmdarın danışdığı sözlər qanundur. Keçmiş tarixi oxu, keçmiş şairlər və ədiblərin əsərlərindən bacardıqca ələ gətirib tanış ol, çünki onların sözləri yaşadıqları əsrin xalqının iradələri əsasında qurulmuşdur. Səni mədh edənlərə mükafat vermə. Sənin rəiyyətpərvər olmadığını, rəiyyəti vəzirlər və hökmdarların kef-mayəşasına buraxdığını nəsihət və tənqid yolu ilə göstərənlərə mükafat ver. Bacardıqca dünya işləri ilə məşğul ol, axirət işlərilə məşğul olanlara manea törətmə, çünki bu məsələdə səni dindən xaric hesab edə bilərlər. Bizim qorxulu məsələmiz bundan ibarətdir. Qızıl Arslan Əbubəkrə bu nəsihətləri verəndən sonra Təbrizə göndərdi. * * * Qətibənin sürgün edilməsi Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı. Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi: “Möhtərəm hökmdar! Sizin özünüzə bəllidir ki, Fəxrəddin mənim atamın qatilidir. Onu həmişəlik Həmədanda görmək mənim üçün olduqca ağırdır. Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir”. Qızıl Arslan Qətibənin qısa məktubuna çox uzun bir cavab yazdı. “Hörmətli mələkə! Məmləkət işlərinin doğru bir hərəkətlə idarə olunması üçün tək-tək şəxslərin arzu və mənafeyi heç bir vaxt nəzərə alınmamalıdır. Hərgah möhtərəm mələkə üçün atasının qatilini görmək çətindirsə, mənim üçün də qardaşımın qətlində iştirak edənləri görmək çətindir. Lakin məmləkətin düşdüyü bugünkü vəziyyət şəxsi məsələlərlə məşğul olmağı sizə də, mənə də tövsiyə etmir. Sizə məlumdur ki, 15 gün bundan əvvələ qədər Həmədanda Eldəniz xanədanı hökmranlığından bir əsər belə yox idi; hökumət ərəb-fars nümayəndələrinin və Xarəzmşah casuslarının əlində idi. Bu gün mən hökuməti yabançıların əlindən alıb öz həqiqi varislərinin əlinə tapşırıram. Bu təşəbbüslərə razı olmayanlar bizim məmləkətin düşmənidir. Mən də belələri ilə mübarizə aparmaq üçün gəlmişəm. Möhtərəm mələkənin şəxsi həyat məsələsinə gəldikdə, bu barədə qərar çıxarılmışdır. Oğlunuz Qütlüğ İnancın hökumət işlərində təcrübəsizliyi sizin kimi ağıllı və tədbirli bir qadının köməyini tələb edir. Siz ona yaxından kömək verməlisiniz. Bir halda ki, onun idarə etdiyi məmləkətin düşmənləri olduqca həris və qorxuludur, oğlunuzun xətrinə siz öz bacarıq və tədbirinizlə ona kömək etməlisiniz. Bunları nəzərə alaraq rəcəb ayının 29-da Rey məmləkətinə 15 min nəfərdən ibarət bir ordu göndərirəm. Mələkənin özü də hazırlıq görüb ordu ilə bərabər Həmədandan Rey məmləkətinə getməlidir”. Qızıl Arslan tərəfindən göndərilən bu məktub Qətibənin dünyasını dəyişdi. O heç bir vaxt özünün Həmədandan sürgün ediləcəyinə inanmırdı. Qalmaq üçün çarə, kömək istəmək üçün adam tapa bilmirdi. Hüsaməddin həbsxanada, Zəhir Bəlxi və Kəmaləddin qaçmış, Toğrul isə hərəmxanasına qapanmışdı. Toğrulun yanına getmək mümkün deyildi. Onun qapısının keşikçi və qarovulları tamamilə azərbaycanlılardan ibarət idi. Toğrul özü isə Qətibənin görüşünə gedə bilmirdi, çünki Qızıl Arslan Atabəy sarayında mənzil etmişdi. Nəhayət, Qətibə yenə də köhnə dostu Səba xanımı xatırladı. O, təcili surətdə Qasımabad kəndinə adam göndərib, Səba xanımı saraya çağırdı. Bunsuz da Səba xanım saraya qayıtmaq üçün bir vasitə axtarırdı. Bir gün sonra Səba xanım gəldi. Qətibə onun gəlişindən sevindi və öz dərdini açıb ona danışdı. Onun düşdüyü vəziyyət Səba xanımı həddindən artıq düşündürdü, Səba xanımın bütün ümidləri qırıldı, çünki Qətibə Həmədandan köçüb getdiyi vaxt, o öz gəlir mənbələrindən məhrum ediləcəkdi. Halbuki onun pula həddindən artıq ehtiyacı var idi. Əlində hər nəyi varsa, Qasımabad kəndində tikdirdiyi sarayına xərcləmişdi. Lakin hələlik sarayın zirzəmilərini tikdirib bitirməmişdi. O, ümid edirdi ki, Toğrul və Qətibədən əldə edəcəyi mükafat ilə sarayı tikdirib qurtara biləcəkdir. İndisə bir tərəfdən Qətibə gedir, o biri tərəfdən də Fəxrəddin Həmədan şəhərinin mühafizə qoşununun rəisi təyin olunmuşdur; onun Həmədanda qalması üçün heç bir vəchlə imkan buraxmayacaqdır. Nəhayət, Səba xanım başını qaldırıb Qətibəyə baxdı və dedi: – Mələkəyə də yazığım gəlir, özüm də qorxuram, çünki bir daha Fəxrəddinə təsadüf edərsəm, o məni başlı-başına buraxmaz. Bu işdən ölüm qoxusu gəlir. Rica edirəm möhtərəm mələkə bu vəzifədən məni azad buraxsın. Qətibə yalvardı: – Yaxşı günümdə kömək etmisən, yaman günümdə də kömək et! – dedi. – Qorxuram. İndi nə kimi bir zaman olduğunu bilirsinizmi? Mən hələ Qasımabad kəndindən də çıxıb, bir tərəfə qaçmaq istəyirdim. Siz mənim Fəxrəddinlə olan düşmənliyimi yaxşı bilirsiniz. Mən onu Bağdadda ölümə aparmaq istəyirdim o, bunların hamısını anlamışdır. – Heç olmasa mənim bir məktubumu Toğrula aparıb cavabını gətir. Burada heç bir qorxu yoxdur. Üzü örtülü qadınsan, kim sənin Toğrul sarayına getməyinə mane olacaqdır? Səba xanım Qətibəyə qəti söz demədi, ancaq: – Eybi yoxdur, qoyun bir az fikirləşim. Sabah mələkəyə xəbər verərəm, – dedikdə, Qətibə: – Sabaha qoya bilmərəm, gecdir. Ordu Rey səmtinə keçmək ərəfəsindədir, – dedi. Səba xanım bu vəzifəni bitirmək üçün beş yüz qızılla razı oldu. Qətibə məktubu yazdı: “Əlahəzrət! Neçə günlərdi ki, əlahəzrətin vücudunun səhhəti və səlamətliyi barəsində bir məlumat əldə edə bilməmişəm. Lakin hər nə olursa olsun, vəziyyətin ümumi mündəricəsi mənim üçün aydındır. Sizə bir şeyi bildirmək istərdim: həşəmətli Qızıl Arslanın əmr və məsləhətinə görə bu günlərdə mən Rey məmləkətinə getməliyəm. Bu barədə əlahəzrətin fikrini bilmək istərdim. Elə bilirəm ki, əlahəzrət istəsəydi, mən bu səfəri təxirə sala bilərdim. Çünki mənim paytaxtdan uzaqlaşmağım özüm üçün də, əlahəzrət üçün də əlverişli deyil. Hərgah əlahəzrət bu barədə bir iş görə bilsəydi, mən hazırkı vəziyyətin altından qalib çıxa bilərdim”. Qətibə məktubun cavabını böyük intizarla gözləyirdi. Axşam qaranlıq düşdüyü zaman Səba xanım məktubun cavabını gətirdi. Lakin cavab gəlmədən qabaq, Qızıl Arslanın nümayəndəsi Qətibə xatunun yanına gedib səfər hazırlığının bitdiyini xəbər vermişdi. İş işdən keçdiyinə baxmayaraq, Qətibə məktubu açıb oxudu. Toğrul yazırdı: “Möhtərəm mələkə! Həşəmətli hökmdar Qızıl Arslanın mələkə haqqında çıxardığı qərar, mələkənin özü üçün də, məmləkət üçün də, hətta sizin oğlunuz Qütlüğ İnancın gələcəyi üçün də məsləhətdir. Siz özünüz bilirsiniz ki, bu vəziyyət içərisində sizin bir mələkə kimi Həmədanda yaşamağınız imkan xaricindədir. Bu səfərdən mələkə üçün səadət qisməti və salamatlıq diləyirəm!”. Qətibə məktubu oxuyub üzərinə tüpürdü: – Tfu! Əclafın birisi, sən elə bilirsən ki, mən Rey məmləkətinə getdiyim zaman sənin yaxan mənim əlimdən qurtaracaqdır? Sizin nəslinizi məndən başqa heç bir qüvvə Yer üzündən silə bilməyəcəkdir! * * * Hüsaməddinin həbsxanadan qaçması – Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir. Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur. Qızıl Arslan hələlik ruzigarın topunu çövkanın burnuna alıb oynadır; hələlik o, bayram etməkdədir. Fələyin çərxi onu yuxarı mərtəbələrə qaldırmışdır. O, dünyanın güzgüsündə ancaq özünü görür. Lakin mən sənə söz verirəm ki, o bir gün bu qumarda uduzacaqdır. Onun başladığı oyun çox qorxulu oyundur. Bu oyunu ondan böyükləri apara bilməmişdir. O, Məmun xəlifədən artıq deyildir. Qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir. Xəlifə tərəfindən təsdiq edilən padşahı xanənişin edir. Bu dediklərimi hər kəs ona bağışlarsa-bağışlasın, lakin xəlifə bu günahı bağışlamayacaqdır. Bu sözlərin hamısını Qətibə xatun Səba xanıma deyirdi. Səba xanım başını aşağı salıb Qətibə xatunun dediklərini öz qəlbində götür-qoy edirdi. Qətibə isə ona bir sual verdi: – Əcəba, dediklərimin hamısı doğru deyildirmi? Səba xanım gözünün birisi ilə çiyninin birisinə hərəkət verib: – Doğru olmasına doğrudur, lakin bu doğruluq bizi vəziyyətin ağırlığı altından çıxara bilməz, – dedi. – Mənim də istədiyim odur ki, sən bu sözlərin doğruluğuna inanasan və anlayasan ki, insanların dəyəri ancaq ağır və qorxulu zamanlarda bəlli olur. Ağır çəkiclərin altında ancaq möhkəm dəmirlər davam edə bilər. Əzilib məhv olanlar ancaq çürüklər və dəyərsizlərdir. Hazırda Qızıl Arslan həbsə alınanları cəzalandırmağa və edam etdirməyə başlayıb. Sən elə güman etmə ki, Hüsaməddin azacıq bir cəzadan sonra Qızıl Arslanın əlindən qurtara biləcəkdir. Onu edam cəzası gözləyir, özü də edam ediləcəkdir! Burada məni qorxudası bir təhlükə yoxdur. Lakin sən Hüsaməddini tanıyırsan, onda çox möhkəmlik yoxdur. O, azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. Zəhir Bəlxi və Kəmaləddin aradan çıxdı. Onlardan nigaran deyiləm, lakin Hüsaməddini həbsxanada qoymaq, bizim üçün böyük təhlükədir. Sən elə bilmə ki, o məni Rey məmləkətinə göndərməklə işləri bitirmiş olur. Onun özü məni Reydən çağırmağa məcbur olacaqdır. İndilik Hüsaməddinin istintaqı başlanmamış həbsxanadan azad edilməsi lazımdır. Ondan sonra hər şey mənim öhdəmədir. Qətibənin bu sözlərindən Səba xanım gülümsündü: Qətibə isə: – Nə oldu? Sözlərim beyninə batmadımı? – deyə soruşduqda, Səba xanım da: – Bilmirəm, biz Hüsaməddini nə kimi vasitələrlə həbsxanadan qurtara bilərik... – Həbsxananın qapısında duran kişilərdirmi? – Bəli, kişilərdir. – İndi ki, onlar kişilərdir, sən də gözəl bir qadınsan, sən öz işini düz qura bilsən, hər şeyi bacara bilərsən. Qısasını deyirəm: təhlükəni bir tərəfə ataq, biz azad ola-ola Hüsaməddini boynunu Fəxrəddinin sabunlanmış ipinə keçirmək tarixi bir xəyanətdir. Bu ləkə həmişəlik bizim boynumuzda qalar. Get, yaxşı düşün, mən və sən burada ikən Hüsaməddini qaçırtmaq lazımdır. Səni də özümlə bərabər Rey məmləkətinə aparacağam, sonra tezliklə səninlə bərabər Həmədana qayıdacağam. Sənin bu xidmətlərin nə mənim, nə də Hüsaməddinin yanında itməz. Biz yalnız Hüsaməddini qurtarmaq deyil, bununla Fəxrəddinə böyük bir sillə vuracağıq. Qızıl Arslan onun dəyərsizliyini və ehtiyatsızlığını görüncə yerinə başqasını da təyin edə bilər. O ki qaldı sənin mükafatlanmağına, bu barədə mənə əmin ola bilərsən. * * * Cümə axşamı olduğuna görə həbsxananın qapısında duran qadınların sayı bir az da artmışdı. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. Hamıdan sonra qara örtü salmış bir qadın da qapıda duran qarovula yanaşıb gətirdiyi ehsanların məhbuslara verilməsini rica etdi. Qarovul ehsanı alıb içəridə duran keşikçiləri səslədi; onlar dərhal gəlib qadının gətirdiyi ehsanları məhbuslara paylamaq üçün apardılar. Qadın ehsan gətirdiyi qabları geri almaq üçün qarovulun yanında durub gözləyirdi. Qarovul əlində nizə o tərəf-bu tərəfə gedirdi. O, qadına yaxınlaşdığı zaman qadın ona sual verdi: – Hər gün ehsan gətirmək mümkündürmü? – Nə üçün də mümkün deyil? Ehsan sahibinin mərhəmətindən asılıdır. Qadın qarovul ilə danışdığı zaman üzünün bir tərəfi açıldı, qarovul görmək və diqqət vermək istərkən, qadın üzünü sürətlə örtdü. Qarovul isə nizəsinə dayanıb durdu, qadın artıq üzünü göstərmədi. Qadın daha gəzmək istəmirdi. İçəridən qablar gətirilənə qədər qarovul durub çox diqqətlə qadına baxırdı. İçəridən qabları gətirdilər, qadın qabları süfrəyə bağlayıb götürmək istərkən qarovul ona sual verdi: – Mərhəmətli xanım yenə də ehsan gətirəcəkdirmi? – Bəlkə də gətirdim. – Mümkünsə tez-tez gətirin, burada elə məhbuslar vardır ki, heç bir kəsi yoxdur. Onlar ancaq ehsanlarla yaşayırlar. – Məhbuslarınız çoxdurmu? – Çoxdur, lakin yavaş-yavaş azalır. – Yoxsa onları azad edirlər? – Xeyr, burada saxlanılanlar azad edilməli adamlar deyil, onların bir hissəsi sürgün edilir, bir hissəsi də edam olunur. Qadın bir az düşünəndən sonra: – Əlbəttə, belələrinə ehsan gətirmək lazımdır. Mən yenə də sabah bu vaxt burada olacağam. Əcəba, məhbuslara gətirilən ehsanı ancaq siz cənabmı qəbul etməlidir? – Xeyr, hər kəs qəbul edər. Lakin istəyirəm ki, xanım gətirdiyi ehsanın savabında mən özüm də iştirak edim. – Xudavəndi, gör nə qədər alicənab adamlar var imiş! Hər kəs sizin qədər alicənab və nəcib olsaydı, bir daha həbsxanalara ehtiyac qalardımı?! – Elədir, möhtərəm xanım. Burada elə igidlər yatır ki, adlarını çəkən belə yoxdur. Əllərinə hər kəs düşübsə həbsə alıblar. Həbsxana xidmətçilərinin peşəsi ip sabunlamaq və günahsız adamların boğazına keçirmək olubdur. – Bəs sizin onlara rəhminiz gəlirmi? – Nə üçün də gəlmir. Lakin əlimizdən nə gələr? – Sizin əlinizdən çox şey gələr!.. Qadın artıq danışmadı. Gedərkən qarovulun ovcuna bir qızıl qoyub, xeyir-dua verib ayrıldı. Ehsan gətirmək davam edirdi. Qadın bəzən ehsanı gündə iki kərə, səhər və axşam gətirirdi. Qarovullar isə onu küçədə küləkdə və yağış altında saxlatdırmayaraq; içəri girməsinə icazə verirdilər. Bəzən məhbuslar həyətə çıxdıqları zaman qarovullar qadını onlara göstərib: – Sizin qeydinizə qalan və sizə ehsan gətirən bu möhtərəm qadındır, – deyirdilər. Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün də yemək gətirirdi. Yeməkdən əlavə, hər dəfə həbsxanaya gəldiyi zaman, qarovulların da hər birisinə bir qızıl hədiyyə verirdi. Buna görə də o, həbsxana müdirinin otağına qədər yol tapmışdı. Son günlər o, ehsan gətirdiyi zaman həbsxana müdirinin otağında oturub gözləyirdi. Müdir ehsançı və səxavətli qadınla həddindən artıq maraqlanırdı. O həm gözəl, həm də zəngin idi. Axşamların birində müdir qadına belə bir sual verdi: – Nə üçün hər dəfə siz özünüz ehsan gətirirsiniz? Evinizdə bu vəzifəni ifa edə biləcək bir kişi yoxdurmu? – Əvvəla, evimizdə kişi tayfası yoxdur, ikinci də ehsandan alınacaq savabı şəxsən özüm mənimsəmək istəyirəm. – Əcəba, əriniz yoxdurmu? – Ərim var idi. O, Bağdadda böyük bir vəzifə sahibi idi. Hərbi xidmətdə idi. Nəhayət, xəlifə onu vətənpərvərlikdə töhmətləndirdi, həbsə aldırdı. Həbsxanada xəstəlikdən öldüyünü söylədilər. Lakin alınan məlumata görə orada zəhərləmişdilər. Artıq heç bir kəsimiz qalmadı. Bir qayınanam var, o da bu günlərdə öləsidir. O çox qocadır. Mənim məhbuslara ehsan etdiyimin əsas səbəblərindən birisi də cavan və bədbəxt ərimin həbsxanada ölməsidir. O böyük bir sərvət qoyub getmişdir. Həmin sərvəti məhbuslara sərf edəcəyimə and içmişəm. Qadın bunları danışaraq ağladı və dərhal dəsmalını çıxarıb gözünün yaşını silmək istərkən, üzünün bir tərəfini yenə də müdirə göstərdi. Müdir artıq onun bir afət və bir dilrüba olduğunu tamamilə təyin etdi və öz-özünə “əri yoxdur, gözəldir, həm də zəngindir. Bu qədər möhtərəm, səxavətli, ağıllı bir qadına evlənmək nə qədər xoşbəxtlikdir” – dedi. Qadın hər dəfə durub getmək istərkən, müdir ona başqa bir sual verib dayandırırdı. Nəhayət, qadın: – Qaranlıq düşür. Qayınanam intizardadır. O, məndən nigaran qalar. Bir də budur ki, həbsxana müdirinin otağında çox oturmaq uyğunsuzdur. Bunun üçün sizi də rahatsız etmiş olaram. Bəlkə burada sizdən də yuxarı vəzifə daşıyanlar vardır. Mənim səbəbimə üzünüzə söz gələcəyini və məzəmmət alacağınızı istəmirəm, – dedikdə, müdir qadının bu sözünə etiraz edərək: – O barədə düşünməyin, burada məndən yuxarı vəzifə daşıyan heç kəs yoxdur. Həbsxana mənim ixtiyarımdadır. Uca vəzifədə olanların özləri bura gəlməz, ancaq adamları gəlib bizə əmr gətirirlər, – dedi. – Nə üçün əmrlər gətirirlər? – Sürgünə göndərilənləri və edam edilənləri aparmaq üçün əmr gətirirlər. – Əmrləri verən kimdir? – Əmrləri verən Həmədan şəhəri mühafizəsi qoşunlarının rəisi Fəxrəddin adlı bir adamdır. – Onun heç bir rəhmi, insafı yoxdurmu? – Yoxdur. Başqalarını edam edir etsin, sözümüz yoxdur, bizim öz yerlərimizi də məhv edir. O elə qəhrəmanları məhv edir ki, bir daha məmləkətimiz o cür adamları yetirə bilməz. – Siz hansı məmləkətdənsiniz? – Biz Azərbaycan tərəfindən gəlmişik. – Demək ki, siz də mənim kimi qürbət vilayətdənsiniz? – Əcəba, siz buralı deyilsinizmi? – Xeyr, mən buralı deyiləm. Mən də qürbət vilayətlərdən gəlmişəm. Ərimi axtarmaq üçün Bağdada getmişdim, qayınanam da mənimlə bərabər idi. Onun özünü deyil, ölüm xəbərini tapdıq, indi isə onu burada buraxıb qardaşımı axtarmaq üçün gedirəm. – Qardaşınız haradadır? – Reydə olduğunu xəbər verən vardır. Bəziləri deyirlər ki, o, Xarəzm məmləkəti hüdudundadır. Bu yaxınlarda alınan xəbərə görə o, Səlahəddin Əyyubunun ordusu ilə bərabər Qüds şəhərinin altında müharibə edir. Hər halda hansı bir tərəfə gedəcəyimi və onu harada axtaracağımı özüm də bilmirəm. – Qardaşınızın adı nədir? – Qardaşımın adı Hüsaməddindir. Müdir Hüsaməddin adını eşitdiyi zaman duruxdu, qadının üzünə təəccüblə baxdı, dərin bir fikrə cumdu və öz-özünə: “Siz Allah, təsadüfə baxın!” – dedi. Qadın ağlayırdı, sanki həyəcanından çöhrəsini açdığını unutmuşdu. Müdir də öz növbəsində onun gözəl və aldadıcı çöhrəsini gördüyü zaman, hər bir təhlükəni, hər bir uçurumu xəyalından silmişdi. O, qadına yaxşılıq etmək və nəticədə onun məhəbbətini qazanmaq xülyalarını daşıyırdı. Nəhayət, müdir fikirli baxışını qaldırıb qadına baxdı və onun ağladığını görüb dedi: – Sizi başa düşürəm, gözəl və möhtərəm xanım, qadın üçün qardaş məhəbbəti ər məhəbbətindən daha artıq və daha qiymətlidir. Çünki özümüz də qardaş olmuşuq, özümüz də bacı məhəbbətini dadmışıq. Mən elə zənn edirəm ki, bacılar qardaşın uğrunda hər cür fədakarlığa qarşı güzəştə gedə bilərlər. Qadın gözlərini silərək: – Elədir, doğru deyirsiniz, mən bir kərə Hüsaməddini görmək üçün öz varlığımı fəda edə bilərəm. Buna and içmişəm. Mən ərimdən sonra bir daha ərə getməmək üçün and içmişdim, lakin qardaşımın xəbərsiz yox olduğunu eşidəndən sonra andımı dəyişdim. Qadın bu sözləri dedikdən sonra utanıb, başını aşağı saldı. Müdir isə ona sual verdi: – Möhtərəm xanım andını nə üçün dəyişdi? Onu mənə söyləyə bilməzsinizmi? – Nə üçün söyləyə bilməyim? Hər kəs mənim qardaşımı mənə versə, mən onun izdivac təklifini rədd etməyəcəyəm. Müdir üçün bu təklif olduqca ağır idi. O, Hüsaməddini qadına qaytara bilməyəcəkdi. Eyni zamanda, qadına qardaşının həbsxanada olduğunu da xəbər verməkdən qorxurdu, bacı üçün bu qədər qara xəbəri eşitməyin nə qədər ağır olduğunu müdirin özü də hiss edirdi. Lakin müdir təsadüf etdiyi bu gözəl qadının arzularına kömək etməyi də bacarmırdı. Buna görə də qadını əvvəlcə bu xəbərin ağırlığına öyrətmək və ona xəbər verəcəyi hadisənin təsirini azaltmağa çalışaraq dedi: – Hazırda dünya o qədər qarışıqdır ki, hadisələr heç bir zaman bacı-qardaş arasında olan məhəbbətlə hesablaşmır, kim bilir, qardaşınızı harada tapacaqsınız. Bəlkə də o bir xəstəxanadadır, bəlkə də sürgündədir, yaxud da bir həbsxana bucağında yatır. Nə edəcəksən?! Qəzaya təğyir verməyi kimin imkanı vardır? Qəzavü-qədərin ağırlığını biz çəkməsək bəs kim çəkəcəkdir? Məncə bu məsələnin həllini iqbalın öz ixtiyarına buraxmaq daha əlverişlidir. Yaxud da onu axtarmaq və tapmaq üçün getdikcə onun həbsdə olduğunu gözünüzə alın. – Hər halda nə olursa olsun, bir kərə onun üzünü görmək və salamat olduğunu yəqin etmək mənim üçün kifayətdir. – Əcəba, mən qardaşınızı göstərsəm, öz andınıza vəfa edə bilərsinizmi? – Andı yerinə yetirmək üçün şərait mövcud olursa, nə maneə vardır. – Mən də qəribəm, ailəm də yoxdur. Özüm də çox nəcib ailədə doğulmuşam... – Sizin alicənablığınız nəcib ailədən olduğunuzu göstərir. – Siz əhdinizə vəfa edəcəyinizə and içə bilərsinizmi? – Qardaşımın canına and içirəm! – Lakin sizdən bir ricam vardır: qardaşınızı gördüyünüz zaman həyəcan keçirməməli və qışqırmamalısınız! Hərgah bu sirr yanınızda qalarsa, bunu bir kimsəyə bildirməsəniz, hər gün axşam bu zaman qardaşınızı burada görə bilərsiniz. – Mənimlə zarafatmı edirsiniz?! – Ciddi deyirəm, burada bir nəfər Hüsaməddin vardır. – Onun nişanələrindən birisini mənə deyə bilərsinizmi? – Çöhrəsində böyük bir xalı vardır. Qadın ağladı: – Odur, anamın oğludur. Sevgili qardaşımdır. Müdir: – Rica edirəm, özünüzü ələ alın, – deyərək qadını otaqda buraxıb getdi. Qadın oturub düşünürdü. Öz “qardaşını” həbsxanadan qurtarmaq üçün müdirin həyatı barəsində götür-qoy edirdi. Beş dəqiqə keçmədən qapı açıldı. Hüsaməddin otağa girdi, qadın onu gördüyü zaman üzərinə atılıb boynunu qucaqladı və: – Əziz qardaşım! – deyə onun üzündən öpmək istərkən qulağına pıçıldadı: – Müdiri boğub libaslarını geyməlisən! Müdir qayıdıb içəri girdi və qadına müraciətlə: – Sizin qardaşınız bu cənabdırmı? Qadın ağlaya-ağlaya: – Budur, mənim bədbəxt qardaşım budur! – dedikdə Hüsaməddin müdirə yanaşaraq: – Bacımın və mənim haqqımızda etdiyiniz bu alicənablığa qarşı təşəkkür edirəm, – deyərək onun əlini-əlini aldı və o biri əli ilə müdirin boğazından tutub boğmağa başladı. Qadın müdirin müqavimət göstərdiyini görüb, dərhal qalxıb müdirin can evindən tutub əzdi və Hüsaməddin onu boğub işini bitirdi. Hüsaməddin müdirin paltarını geydi, qapını bağlayıb, açarını görürdü; Hüsaməddin qadın ilə küçəyə çıxarkən, yavaşdan qarovula müraciət edərək: – Mən bu xanımı yola salıb qayıdıram. Gecə keçmişdir. Əbu-Dəccanə məhəlləsinə getməsi qorxuludur, – dedi. * * * Ay, İsmayılın məqbərəsi üzərindəki minarənin dalısına keçib üzünü kirşanlamağa başladığı zaman Hüsaməddin və Səba xanımın hazırlatdırdığı atı minib Xarəzm məmləkətinə doğru qaçırdı. Qətibə xatun Hüsaməddinin həbsxanadan qaçırılması işini özü üçün böyük bir müvəffəqiyyət sayırdı. Doğrudan da bu hadisə Fəxrəddinin Həmədandakı nüfuzuna böyük bir zərbə oldu. Buna görə də Qətibə xatun Səba xanımı istədiyi qədər mükafatlandırdı. Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. O, həbsxana qarovullarını çağırıb soruşdu: – Qadın haqqında nə deyə bilərsiniz? O gecə qapıda gəzən qarovul kim idi? Qarovulun kim olduğunu təyin etdilər. Qarovulun verdiyi məlumat bundan ibarət idi: “Boyu bəstə bir qadın idi. Hər gün bir kərə və hərdənbir gündə iki kərə məhbuslara ehsan gətirirdi. Çox mömin qadın idi. Dilindən Allahın və müqəddəslərin adı əskik olmazdı. Olduqca gözəl idi. Üzünü bir kərə gördüm, lakin tez gizlətdi. Əlini uzadıb ehsanı verdiyi zaman barmaqlarında üç qiymətli üzük olduğunu gördüm. Başında qapa ipəkdən çarşabı var idi. Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. Ayaqqabılarının üstü gümüş saplarla tikilmişdi. Səsi çox zəif və həzinavər idi. O çox tez-tez ağlayırdı. Səxavətinin müqabilini indiyə qədər görməmişəm. Adəti, rastına keçən yoxsullara pul paylamaq idi”. Fəxrəddin bir az düşünüb yanındakı adama müraciət etdi və: – Eşitdiyin əlamətləri yazıb götür, bu nişanələrdə hansı bir qadın görmüş olsanız tutub mənim yanıma gətirin! – dedi. Fəxrəddin həmin qadının Səba xanım olduğuna heç də şübhə etmirdi, lakin onu Qətibə xatunun sarayından çıxarıb həbsə aldırmaq mümkün deyildi. Buna Qızıl Arslan da razılıq vermirdi, çünki bu cinayəti Səba xanımın boynuna isbat etmək, Qətibə xatunun da bu cinayətdə iştirak elədiyini ifşa etmək demək idi. Buna görə də Qızıl Arslan Səba xanımın saraydan dışarı çıxdığı zaman heç kəsə bildirmədən həbsə alınmasını və edam edilməsini tapşırmışdı. Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib həmin əlamətləri daşıyan qadının intizarını çəkirdilər. Səba xanım bunların hamısını anlayırdı. Fəxrəddin və Qızıl Arslanın onu həbsə aldırmaq üçün verdiyi qərarları bilirdi. Buna görə də o öz məharət və cəsarətini bir daha Fəxrəddinə və Qızıl Arslana göstərmək qərarına gəlmişdi. Fəxrəddinin Atabəy sarayı ətrafında qoyduğu gözətçi xəfiyyələr heç bir müvəffəqiyyət əldə edə bilmirdilər. Həbsxana qarovullarının göstərdiyi əlamətləri daşıyan qadın gözə görünməyirdi. Saraydan çıxan kənizlər və cariyələr təqib edilirdisə də, onların heç birisində göstərilən əlamətləri tapa bilmirdilər. Lakin Səba xanım sarayda qapanıb oturmamışdı, o hər gün saraydan dışarı çıxaraq Fəxrəddinin yaşadığı evin ətrafında dolaşır və Fəxrəddinin yaşadığı otağa girmək üçün vasitə axtarırdı. O, Həmədandan Rey məmləkətinə köçüb gedənə qədər mələkənin düşməni olan Fəxrəddinə böyük bir zərbə vurmaq və buna müqabil böyük bir mükafat almaq istəyirdi. Günorta zamanı azançı İsmayıl məqbərəsinin kaşi minarəsində “Allahu əkbər” sözünü dediyi zaman, Səba xanım Fəxrəddinin qapısından qara çarşaba bürünmüş bir qadının: – Allahu əkbər kəbirən kəbira, – deyə çıxıb getdiyini gördü. Qadın əlində böyük bir bağlı aparırdı. Səba xanım çox diqqətlə baxandan sonra qadının əlindəki bağlının çirkli paltar olduğunu təyin etdi. Şübhəsiz ki, paltarlar Fəxrəddinin paltarları idi. Səba xanım qadına yaxınlaşıb salam verdi və soruşdu: – Vaxtınız olsaydı, sizi xanımın yanına aparardım. Xanım çoxdan bəri səliqəli paltaryuyan axtarır. Qadın Səba xanımın cavabında: – Bu gün və sabah vaxtım olmayacaqdır. Çünki cənab Fəxrəddin paltarlarının tələsik yuyulmasını tapşırmışdır. – Siz onun paltarlarını nə vaxt özünə gətirməlisiniz? – Vaxt təyin etməyiblər. Birisi gün və ya daha o birisi gün. – Bəs mən sizi harada görüm? – Siz harada istəsəniz, mən orada gəlib sizi gözlərəm. – Daha birisi gün cümə axşamıdır, siz Əbu-Dəccanə məqbərəsinə ziyarətə gələrsinizmi? – Bu nə sözdür? Həmədanda yaşayıb peyğəmbərin əshabəsinin ziyarətinə getməmək qabildirmi? – Günün nə vaxtı? – Mən zöhr namazını orada qılacağam. – Elə isə orada görüşərik. Bu hadisədən iki gün keçmişdi. Fəxrəddin pəncərədə oturub cəbbəxana meydançasına baxır və öz-özünə deyirdi: “Qoşun və hökumət mənim əlimdə olurkən, əxlaqsız bir qadın həbsxanaya girsin, müdiri öldürsün, Hüsaməddin kimi məmləkət xainini qaçırsın?! Daha mən nə üçün adımı Fəxrəddin qoymuşam!”. O, əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib keçən kişilərə və qadınlara baxırdı. Birdən Səba xanımın keçdiyini görüb, diqqətlə ona baxdı, həbsxana qarovullarının göstərdiyi əlamətlərin hamısını onda gördü, sevindiyindən dəli kimi yerindən sıçradı; Səba xanımı tutmaq üçün pilləkənlərdən qapıya düşdü. Başqa adam görməyərək qapıda duran qarovulları səslədi: – Dalımca gəlin, – dedi. – Onlar qapıdan ayrılmaq istərkən paltaryuyan qadın qapıya yanaşaraq: – Möhtərəm ağam, paltarı gətirmişəm, – dedikdə Fəxrəddin bir kəlmə ilə: – Apar otağa, qayıdıram! – deyə qarovullarla bərabər Səba xanımı təqib etdi. Səba xanım tamam bir sürətlə gedirdi. Fəxrəddin də bunu istəyirdi, çünki onu şəhərin mərkəzində tutmağın uyğunsuz olduğunu düşünürdü. Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən, Fəxrəddin onu səslədi: – Dayan fahişə! Həmin qadın qayıdıb təəccüblə Fəxrəddinə baxdı və təhqiredici sözlərlə onun cavabını verdi və öz yoluna davam etdi. Fəxrəddin bir daha onu səsləyərək: – Səni səsləyirəm. Əxlaqsızın birisi, – dedi. – Bir də mənim əlimdən qurtaracaqsanmı?! Qadın əlini yerə ataraq daş götürüb, atmaq istərkən Fəxrəddin onun əlinə baxdı, doğrudan da həbsxana qarovulu göstərdiyi kimi barmaqlarında üç dənə qiymətli üzük olduğunu görcək qarovullara müraciətlə: – Tutun, özüdür, – dedikdə qarovullar qadını yaxaladılar. Qadın isə dartınıb onların əlindən qurtarmaq istərkən, çarşabı başından düşdü. Fəxrəddin ona çox diqqətlə baxarkən, rəngi qaçdı, çünki qadın Səba xanım deyildi. O, təxminən qırx, ya qırx beş yaşlarında çopur və bir gözü kor qadın idi. Fəxrəddin yalvarıcı bir surətdə qadına müraciətlə dedi: – Məni bağışlayın, rica edirəm bunu özünüz üçün bir təcavüz hesab etməyin. Axtardığımız canidə olan əlamətlərin hamısı sizin zahiri görünüşünüzdə vardır. Qadın bu sözlərdən təsəlli tapmadı, hönkür-hönkür ağlayaraq deyirdi: – Taxtın tabuta dönsün, belə padşah! Sənin paytaxtında qadınları günün günortasında küçələrdə təhqir edir və fahişə adlandırırlar. – Qadın onların yaxasından əl çəkmədi. – Sizi buraxmayacağam, gərək bu saatda qazının yanına gedəsiniz, orada mənim fahişəliyimi isbat eləyəsiniz. Fəxrəddin yüz kərə üzr istədi, yalvardı; nəhayət, qadın onlara lənət və nifrət oxuya-oxuya ayrılıb getdi. Fəxrəddin tərini silə-silə evə qayıtdı. Evdə qəribə bir aləm gördü. Geydiyi libasların heç birisini orada görmədi; bağlı sandıq açılmışdı, qiymətli şeyləri və bütün lazımi vəsiqələr götürülmüşdü. Pəncərənin arasında bir bağlı qoyulmuşdu, tələsik bir halda bağlını açıb, bir dəst qadın libası qoyulduğunu gördü. Onu tər basdı, içəri girən qadının paltaryuyan qadın olmadığını yəqin etdi. O, qarovullara qışqırdı: – Dayanmayın, həmin qadını təqib edib mənim yanıma gətirin. O bizi aldadıb evdən uzaqlaşdırmaq üçün Səba xanımın libaslarını geymiş və çarşabını örtmüş imiş. Qarovullar qadını təqib etdilər, lakin onu tapa bilmədilər. Qara çarşaba bürünmüş yüzlərlə qadına təsadüf etdilər. Ancaq yarım saat əvvəl gördükləri əlamətləri heç bir qadında görə bilmədilər. Qarovullar gedəndən sonra Fəxrəddin bir daha qadın paltarlarına baxdı, orada bir məktub qoyulduğunu gördü və götürüb oxudu: “Bütün yemək şeylərini zəhərləyib səni məhv edə bilərdim. Lakin sənin kimi insanları günahsız məhv etməyin tərəfdarı deyiləm. Bu hadisə sənin üçün xəbərdarlıqdır. Hərgah Həmədandan çıxıb getməsən, ikinci kərə səni ölüm cəzası ilə cəzalandıracağam. Hələ iraqlılar o qədər alçalmamışdır ki, bir nəfər azərbaycanlı Bağdadın qulağının dibində ağalıq etsin”. Fəxrəddin məktubu oxuyub yerə qoydu və dərindən fikrə getdi. Bu təhqirin ağırlığı altında qəlbən inləməyə başladı. O öz-özünə: “Bu qadın hiyləsidir. İraqlılar mənim qarşıma qılıncla çıxardılar, onlar heç bir zaman mənim evimdən paltarlarımı aparıb, yerinə qadın paltarları qoymazdılar. İraqlılar məni çox gözəl tanıyır, onlar məni müharibə meydanlarında görüblər. Onlar mənim bu paltara layiq olmadığımı hamıdan yaxşı bilirlər. Bu iş Qətibənin və Səba xanımın işidir” – dedi və qarovulları yanına çağırıb tapşırdı: – Bu hadisəni heç bir yerdə danışmayın, bu tamamilə gizlində qalmalıdır! * * * İslahat və nəticələr Qızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı. Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı1. Qızıl Arslan deyirdi ki, torpaqda çalışanlar mülkədarların himayəsində deyil, hökumətin himayəsində yaşamalıdır. Hər halda bu təşəbbüs kəndlilərin azad nəfəs almasına və kənd məhsulunun artmasına səbəb ola bilər. Qızıl Arslanın verdiyi fərmanda deyilirdi: “Bundan sonra vergilər təyin edildiyi zaman, kəndlinin ixtiyarında olan torpağın miqdarı ilə deyil, onun torpaqdan götürdüyü məhsulun miqdarı ilə ölçülməlidir”. Qızıl Arslanın fikrini məşğul edən səbəblərdən birisi də cəza və cərimə qanunları idi. O bu barədə verdiyi fərmanında deyirdi: “Bundan sonra cəza və cərimə işləri hökumət məhkəməsində təyin edilməlidir. Mülki və siyasi işlər hökumətə aid məsələ olduğundan qəzavət bu işə qarışmamalıdır. Dini işlərdən ötrü mühakimə olunanların hamısı qəzavətxana nümayəndələrinin iştirakı ilə hökumət məhkəməsi tərəfindən cəzalanacaq və cərimələnəcəkdir”. Qızıl Arslanın bu fərmanı ruhanilərin və qazıların geniş həyəcanına səbəb oldu, çünki bununla hökumət ruhanilərin gəlirlərinin qarşısını kəsirdi. Qızıl Arslan təriqət və məzhəb işlərinə dair verdiyi fərmanında deyirdi: “Təriqət və məzhəb mübarizələrində Quranın bir silah kimi işlədənləri siyasi müqəssirlər kimi cəzalandırmaq lazımdır. Təriqət və məzhəblərin genişlənməsi üçün Qurandan sübut axtaranlar islam düşməni kimi təqibediləcəkdir. Şiə-sünni mübahisələri baş verdiyi zaman ölkələrin xalqı üçün təzə cəza qanunları tətbiq olunacaqdır. Minbərlərdə məzhəb və təriqət məsələlərini təbliğ edən vaizlərin və xətiblərin minbərə çıxmaq ixtiyarı əlindən alınacaqdır. Təriqət və məzhəb mübarizələrini qızışdıranlar hökumətin daxili düşməni hesab olunduğu üçün edam edilməlidir. Çünki islamın birliyini pozmaq və məmləkətin daxili asayişini pozmaq məqsədilə xaricdən gələn bütün xəfiyyə və macəraçılar məzhəbə və təriqətə istinad edir, Qurandan özü üçün köməkçi ayələr də tapırlar”. Lakin Qızıl Arslan bu islahatında Məmun xəlifənin IX əsrin birinci yarısında rast gəldiyi çətinliklərə rast gəldi. Buna görə də o, vəziri Şəmsəddinə yazdığı məktubunda deyirdi: “Şərq məmləkətlərinin mədəni bir məmləkət şəklinə salınması üçün qüvvətli bir hökumətin mövcud olması kifayət deyil, məmləkətdə qüvvətli və bacarıqlı islahatçıların mövcud olması da lazımdır. Məsələlər yalnız qılınc gücü ilə həll olunmamalıdır. Quranın hökumət qanunları ilə bir yerdə yaşaya bilməyəcəyini xalqın şüuruna yeritmək üçün elmi yollar lazımdır. Biz bugünkü günda islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. Vergilər, torpaq məsələləri, qan və tədiyyə işlərinin ləğvi məsələlərini qoyduğumuz zaman, ruhanilərin ciddi müqavimətinə rast gəldik, çünki qoyduğumuz islahat tamamilə ruhanilərin zərərinədir, onların hüququnu azaldır, xüsusən məhkəmələr təşkilinə onlar heç vəchlə razı ola bilmirlər. Çünki bununla rüşvətin qapısı onların üzünə bağlanır. Hazırda Bağdad və Həmədan ruhaniləri mənim qoyduğum islahatı yıxmaq üçün silah olaraq ancaq Quranı ellərinə götürmüşlər. Bizim bədbəxtliyimiz burasındadır ki, avam xalq hazırkı fəlakətin dindən, Qurandan və təriqətdən doğduğunu bilmir. Buna görə də onlar bizim islahat işlərimizə dinə qarşı bir üsyan kimi baxır; ruhanilər buna istinad edib xalqın arasında dedi-qodular yaradır, hətta bu kimi dedi-qoduları qoşunun arasında da genişləndirirlər”. Qızıl Arslanın islahata başladığı gündən etibarən Həmədandan və səltənətin taht-idarəsində olan bütün şəhərlərdən ruhanilər, qazılar Bağdad xəlifəsinə ərizə verib bu islahatın Quran, xəlifə və ərəb qüfuzu əleyhinə çevrilməsini göstərirdilər. Qızıl Arslan bunların heç birisinə əhəmiyyət vermədi. O, quranların tərcümələrini hər tərəfdən yığdırıb müqayisə etdirir və bununla da islamiyyətdə təfriqə və anlaşılmazlığın Qurandan törədiyini isbat etməyə çalışırdı. Lakin Qızıl Arslan bu təşəbbüslərin heç birisində müvəffəq ola bilmirdi. Çünki ruhanilərdən bir nəfər də olsa onun tərəfində durmurdu. Onların hamısı bu təşəbbüsün, başlıca olaraq, ruhanilər əleyhinə düzəldiyini bilirdilər. Xalq içərisində də bu islahata müsbət bir təşəbbüs kimi baxanlar yox idi, onlar da bu təşəbbüsə bir dinsizliyin başlanğıcı kimi baxırdılar. Qızıl Arslanın əsas səhvi tələsməsindən ibarət idi. Qızıl Arslanın əsas səhvi tələsməsindən ibarət idi. Öz islahat fikirlərini tədrici olaraq həyata keçirmək əvəzinə, min illik qanunları o birdən-birə ləğv etmək istəyirdi. O, din ilə qəbul edilən adətlərin quru bir fərmanla ləğv edilə bilməyəcəyini nəzərə almırdı. O, bu gözəl və mübarək təşəbbüsləri tədrici surətdə həyata keçirmək istəyirdi, bəlkə də müvəffəq olar və Şərqin mühüm bir hissəsində təzə və mədəni həyat yarada bilərdi. Onun böyük səhvlərindən birisi də islahatı xəlifə Məmunun başladığı xətt ilə irəli aparmaq istəməsi idi. Əvvəlcə Quranın hazırkı həyata yarayıb-yaramadığı fikrini meydana atdı. Bu fikir əsasən doğru bir fikir idi, çünki bütün mövhumat, doğrudan da, Qurana əsaslanır və orada özü üçün köməkçi ünsürlər tapırdı. Lakin Qızıl Arslanın yaşadığı əsrin avam xalqının mədəsi heç bir vaxt bu bişirilməmiş və çiy məsələni həzm edə bilməzdi. Qızıl Arslan hamıdan əvvəl Qurana istinad edən tək-tək büdətlər və adətlərlə mübarizə aparsaydı, o zaman biri o birisinə düşmən olan təriqət rəhbərləri cərgəsində də özünə dəyərli köməkçilər tapa bilərdi. İş bu xətlə aparıldığı zaman Quran da öz-özünə və tədrici olaraq öz nüfuzunu itirəcəkdi. Çünki Quran heç bir zaman büdətsiz və mövhumatsız yaşaya bilməzdi. Onu yaşadan əsas vasitə, ona müxtəlif mənalar taxmaq, onu anlaşılmaz bir şəklə salmaqla asimani don geydirməkdən ibarət idi. İslam ruhaniləri Quranın bir tarix kimi, yaxud bir xalqın həyat dastanı kimi qəbul edilə bilməyəcəyini bilirdilər. Onun mədəni bir xalqı yaşadacaq qədər əsas qanunları olmadığı da aydın idi; çünki Quran ibtidai xalq üçün xətt-hərəkəti göstərən müvəqqəti bir qanunnamədən ibarət idi. Bu kimi ibtidai qanunu yaşatmaq üçün onu anlaşılmaz bir vəziyyətə salmaq, bununla da onun məna və mündərice cəhətcə zənginliyini göstərmək lazım idi. Büdət, mövhumat və islamdakı təfriqə, təriqət və məzhəb mübarizələri də buradan doğurdu. Qızıl Arslan islahatı aşağıdan başlayıb yuxarı çıxmaq istədiyi zaman müvəffəq ola biləcəkdi. Lakin o, birkərəlik zərbəni əsasa vurmaq istədiyi üçün müvəffəq ola bilmədi. Qızıl Arslanın islahatına qarşı çıxan ruhanilərin xəlifəyə göndərdikləri məktublarda: “Azərbaycan Şərqə dinsizlik verir” sözləri müxtəlif şəkillərdə yazılırdı. Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. Bu hərəkətdən Qızıl Arslanın düşmənləri istifadə etməyə başladılar. Ruhanilər qonşu hökumətlərə qaçıb orada Qızıl Arslan əleyhinə siyasi təşkilat düzəltdilər. Qonşu hökumətlər Atabəylər ölkələri işinə müdaxilə etmək üçün “din hamilərinə” maddi və mənəvi köməkdə bulundular. Qızıl Arslanın islahat təşəbbüslərinə qarşı təzə din fəlsəfələri düzəldildi. Qurandan indiyə qədər eşidilməyən vəsiqələr tapıldı, təzə təfsirlər yazıldı, xariqəli və fövqəladə təbirlər yaradıldı. Qızıl Arslan islahatının inkişaf edə bilməməsinin əsas səbəblərindən birisi də hökumət üsul-idarəsinin mütləqiyyət mahiyyəti daşımasından ibarət idi. Babək üsyanının haqqındakı tənqidi xülasələri nəzərə almayaraq Babəkin götürdüyü xətt-hərəkətin ən doğru və faydalı bir yol olduğunu təsdiq etmək lazımdır. Çünki islam dini daşıyan və mütləqiyyət üsul-idarəsi ilə idarə olunan Şərq məmləkətlərinin hər hansı birisində islahat başlamaq lazım gəlirsə, ancaq Babəkin yolunu təqib etməklə qalib gəlmək olar. Şübhəsiz ki, Babək din ilə hökumət üsul-idarəsinin ayrılmaz qardaş olduğunu təyin etdiyi üçün silahını həm din, həm də hökumət əleyhinə çevirmişdi. Babək çox gözəlcəsinə bilirdi ki, hökumət üsul-idarəsini yıxmadan dini yıxmaq mümkün olmayacaqdır. Lakin Qızıl Arslan qılıncı götürüb öz qılçasına vurmaq istəməzdi. O, doğru bir yol ilə getmək istəsəydi, hökumət üsul-idarəsini əsasından dağıtmalı idi. Bunu IX əsrin islahatçısı Mömin xəlifə bacarmadığı kimi XII əsrin Qızıl Arslanı da bacara bilməzdi. Mühafizəkarlıq yalnız bunlara məxsus deyildir. Tarix və təcrübə göstərmişdir ki, islahat yaratmaq istəyən hökmdarların hamısı üsul-idarənin dəyişdirilməsi məsələsinə yetişərkən, öz fəaliyyətini dayandırmağa başlamışdır. Babək isə din ilə hökumət idarəsini birlikdə döyməyi özü üçün əsas şüar qərar vermişdi. * * * Xəlifə Nəsirəddinbillah Qızıl Arslanın Atabəy məmləkətlərində başladığı islahatı soyuqqanlılıqla qarşılaya bilmədi. O, Qızıl Arslana bu məzmunda bir məktub göndərmişdi: “Möhtərəm hökmdar! Əlahəzrət Toğrulun hakimiyyəti Azərbaycan, İraq, Fars və Rey məmləkətləri üzərində təsdiq olunmuşdur. Bu məmləkətlərdə hər cür təşəbbüs və islahata başlamaq işləri onun Əmirəlmöminin tərəfindən əldə etdiyi səlahiyyətin içərisinə daxildir. Sizin Həmədan və İraqi-Ərəb hüdudlarına qoşun gətirdiyinizi və başladığınız islahatı, dinə və xəlifəyə qarşı başlanmış bir üsyan kimi mənə edirik. Bu xəyanətiniz nəticəsində siz Eldəniz xanədanı tərəfindən sahibləndiyiniz varislik haqqından məhrum edilə bilərsiniz. Həmədan və sair yerlərin qəzavətxanalarında dəyişiklik yaratmaq və öz istədiyiniz adamları qaziliyə təyin etmək hökumətin vəzifəsi deyildir. Bu hərəkətə görə sizi islam dinindən xaric elan edib, xəlifə məmləkətindən çıxıb islam olmayan ölkələrdə yaşamağınızı əmr edirəm. Həmədan əyan və ruhanilərinin mallarını müsadirə etdiyinizi eşitdim. İslam dini xalqın halal malının müsadirə edilməsinə heç bir vəchlə razı ola bilməz. Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız. Həbs olunanların azad edilməsini, sürgünə göndərilənlərin vətənlərinə qaytarılmasını əmr edirəm. Öz dilinə, öz vətənlərinə, öz padşahlarına sadiq qaldıqları üçün sənin tərəfindən dara çəkilənlərin qan bahalarını öz varislərinə qaytarmalısınız. Xəzinə işlərinə müdaxilə etmək beytülmala qarşı bir xəyanətdir. Xəlifə beytülmalın mühafizə olunması işini ən adil və mömin adamlara, yəni məmləkətin padşahına tapşırmışdır. Padşah xəlifənin, xəlifə isə peyğəmbərin və uca olan Allahın himayəsindədir. Padşaha tapşırılan hüququn toxunulmazlığını Quran-şərif təmin etməkdədir. Bu məktubu alandan bir həftəyə qədər öz qoşununu padşaha təslim verib islam məmləkətlərindən xaric olmalısınız! Bu fərmanın əksinə hərəkətdə olsanız, Bağdad qoşununu Həmədan üstünə göndərib, səni və tərəfdarlarını həbs etdirəcək və bir din düşməni kimi edam etdirəcəyəm. Xəlifə Nəsirəddinbillah Bağdad, 10 şaban” Xəlifənin məktubunu on nəfərdən ibarət bir heyət gətirmişdi. Qızıl Arslan məktubu oxuyub yerə qoyandan sonra Fəxrəddinə müraciət edib dedi: – Mən elə bilirəm ki, bu macərada Toğrulun iştirakı yoxdur. Burada ruhanilərin, Qətibənin və məmləkəti bölüşdürmək üçün ona yardım göstərən əcnəbi hökumətlərin nümayəndələrinin barmağı olmamış deyildir. Xəlifə bu qədər qaba məktubu göndərməsəydi, bəlkə də mən Bağdadı işğal etmək məqsədindən vaz keçə bilərdim. Lakin bu məktubun üzərindən keçmək xəlifənin cəsarət və qabalığını bir daha artıra bilər. Artıq xəlifəyə öz mövqeyini tanıtmaq lazımdır. Hələlik o, hazırda nə kimi bir əhəmiyyətə malik olduğunu bilmir, o bilmir ki, mən gündə dörd kərə xəlifəni mövqeyindən düşürüb yerinə başqasını təyin edə bilərəm. Onun məktubunun cavabı barəsində tələsmək lazım deyil, bir qədər düşünmək və hazırda məktubu gətirən heyətə təntənəli bir ziyafət vermək lazımdır. Həmədanda və nahiyələrdə duran qoşunların rəsm-keçidini düzəltməli və məmləkətin silahlı qüvvələrini heyət üzvlərinin nəzərində nümayiş etdirməlisən. Qızıl Arslanın əmrini alınca şəhərdən çox kənarda olan Atabəy bağında təntənəli bir ziyafət təşkil edildi. Xəlifənin məktubunu gətirən heyəti ziyafətə müşayiət etmək üçün Fəxrəddinin rəyasəti altında bir dəstə Azərbaycan qoşunu təyin edilmişdi. Həmədandan Atabəy bağına qədər uzun yolun hər iki tərəfi Azərbaycan qoşunun əlində idi. Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi. Onlar ömürlərində birinci kərə idi ki, bu qədər müntəzəm və möhtəşəm bir ordunu görürdülər. Onlar bu ordunu gördükləri zaman bir-birlərinin qulağına pıçıldayıb: “Bu qoşun xəlifə paytaxtını bir zamanda işğal edə bilər, yəqin ki, xəlifənin bundan xəbəri yoxdur” – deyirdilər. Ziyafətin sabahı heyət üzvlərini gəzdirib Midiya dövründən qalan köhnə hasarı və hökumət binalarını göstərdilər. Üçüncü gün onların hamısına qiymətli hədiyyələr verib Bağdada yola saldılar. * * * Qızıl Arslandan xəlifəyə məktub aparan heyəti İraqın hədd-hesaba gəlməyən atlıları istiqbal edirdi. Xüsusən heyət Xüld qəsrinin qarşısına yetişdiyi zaman orada polad geyimli bir çox qoşun dəstələri gördülər. Meydanda böyük rəsm-keçid verildi, çünki xəlifə Qızıl Arslan tərəfindən gələn bu heyətə öz sərvət və əzəmətini göstərmək istəyirdi. Heyət polad hasarları yararaq, Xüld qəsrinin qapısına yetişdi. Onlar ağ mərmər döşənmiş pillələrdən yuxarı çıxıb getmək istərkən, qapıçı yuxarı çıxıb hacibdən icazə istədi, bir azdan sonra hacib gəlib heyəti qarşıladı və qabaqca Qızıl Arslanın vəziri Şəmsəddin, onun dalınca da üzvlər qəsrə daxil oldular. Heyətin birinci dəfə daxil olduğu dalanın döşəməsi qızıl millərlə bir-birinə yapışdırılmış qırmızı mərmər idi. Dalanın yuxarısında boyunlarına qızıl zəncir vurulmuş üç dəhşətli köpək saxlanmışdı. Köpüklərin hər birisini bir neçə qara qul tutub saxlamışdı. Köpüklərin hər birisi, böyüklükdə bir şir qədər dəhşətli idi. Heyət köpəklərin yanından keçdi. Onlar dalandan bir neçə pillə daha yuxarı çıxıb bir həştiyə daxil oldular. Həştinin dörd tərəfində düzülən qulamlar qalxıb heyətə təzim etdi. Həştidən böyük bir salona daxil oldular. Salon ən nəfis və qiymətli xalçalarla döşənmişdi. Fərşlərin üzərinə incə bir surətdə işlənmiş pələng və sair yırtıcı heyvanların dərisi salınmışdı. Heyət üzvləri bu salonda bir neçə dəqiqə durub salonun divarlarında yazılan şeirlərə və tavandakı nəqşlərə tamaşa etdilər. Adət üzrə heyət üzvlərinə ikinci icazə verilməli idi. Hacib gəlib ipək və qızıl saplarla tikilmiş böyük pərdəni bir əli ilə açdı. Baş endirərək: – Buyurun! – dedi. Heyət geniş bir eyvana daxil oldu. Eyvanın sütunları sumaq daşından idi. Divarlarına qızıl suyu ilə nəfis bir surətdə səhra və dəniz heyvanlarının şəkli nəqş edilmişdi. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. Eyvanın hər yerinə sarı ipək fərşlər döşənmişdi. Burada Nuşirəvan padşahın sarayının şəkli çəkilmişdi. Fərşin üstündəki nəqşlər: quşlar, balıqlar, heyvanların şəkilləri qızıl və ipək saplarla tikilmişdi. Xəlifənin sarayında salınmış bir fərş heyət üzvlərinin diqqətnəzərini cəlb etdi; onlar bu salonda durduqları zaman bir çiçəklik, bir bostan və bir heyvanxana tamaşasında durduqlarını hiss edirdilər. Onlar fərşin üzərində yeridikləri vaxt xiyabanlardan axan çayların və bulaqların üzərindən keçib getdiklərini düşünürdülər. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. Qübbələrin hər birisində Kəsrə qəsrinə dair bir mənzərə çəkilmişdi. Eyvanın arxasında Çin ipəyindən bir pərdə asılmışdı, bununla da eyvan iki hissəyə ayrılırdı. Xəlifənin oturduğu hissə başqaları oturan hissədən ayrı idi. Pərdədən kənar, olduqca qiymətli kürsülər qoyulmuşdu. Cərgə ilə düzülən bu kürsülərin kimlərə məxsus olduğu, kürsülərin dalında vurulan iplərin üzərinə yazılmışdı. Vəzirlər, elçilər üçün də ayrı-ayrı kürsülər var idi. Lakin kürsülərin bir çoxu boş idi. Xüsusən bəni-haşimlərə məxsus kürsülərdə bir nəfər də olsa oturan yox idi. Yanında yastıq və balış qoyulan kürsülər isə əmirlərin və sərkərdələrin yerləri idi. Zərif baş örtüləri geymiş bir neçə əmir və sərkərdə oturub söhbət edərkən, Azərbaycan heyəti daxil olub göstərilən kürsülərin üzərində yer tutdu. Əmirlər, sərkərdələr isə onlara əhəmiyyət verməyərək öz söhbətlərində davam edirdilər. Heyət oturub xəlifənin qəbul saatının intizarını çəkirdi. Nəhayət, hacib pərdəni qaldırıb Qızıl Arslan tərəfindən göndərilən heyəti xəlifənin hüzuruna çağırdı. Xəlifə yumşaq balışlarla düzəlmiş zinətli bir taxtın üstündə bardaş qurub oturmuşdu; taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdi. Bunların arxasında isə çiyinlərində qılınc iki nəfər əsgər dayanmışdı. Xəlifə, adəti üzrə, elçiləri qəbul etməyə məxsus paltarlarını geymişdi. Başına qoyduğu çox zərif və üstünə yaşıl ipək sarınmış papağın yanlarına xəz tutulmuşdu. Yaşıl sarığın üstündən bir neçə təsbeh incilər və cavahirlər salınmışdı. Baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxılmışdı. Buna görə də xəlifəyə tərəf baxıldığı zaman başında bir tovuz quşu oturduğu zənn olunurdu. Cıqqanın ortasında quş yumurtası böyüklüyündə üç məşhur və qiymətli daş parlayırdı. Xəlifə üstünə qara əba salmışdı. Lakin oturuş və baxışı həddindən artıq qorxulu və dəhşətli idi. Onun simasından edam cəzası əmrini vermək üçün düşündüyü zənn olunurdu. Heyət üzvləri daxil olurkən, heyətin sədri Şəmsəddin baş endirib dedi: – Xəlifeyi-ruyi-zəmin və Əmirəlmöminin həzrətlərinə salam! Xəlifə isə: – Əleykümməssalam! Sizə olsun Allahın rəhmət və bərəkəti, – deyə cavab verdi və oturmaq üçün onlara icazə verdi. Heyət üzvləri bir daha baş endirib oturdular. Sonra Şəmsəddin ikinci dəfə ayağa qalxıb, baş endirdi və Qızıl Arslanın məktubunu xəlifəyə təqdim elədi. “Bu məktub Azərbaycan hökmdarı və Eldəniz Şəmsəddinin oğlu Qızıl Arslanın tərəfindən Əmirəlmöminin xəlifeyi-ruyi-zəmin-ən Nəsrəddinbillah həzrətlərinə yazılır. Xəlifə həzrətlərinin məktubunu alıb məzmunu ilə tanış oldum. Buna görə də ərz edirəm ki, nə Toğrulu, nə Atabəy Məhəmmədi, nə də bizim atamız Eldənizi hökumət başına xəlifələr təyin etməmişdir. Eldəniz xanədanının hökumət başına çıxaran öz qılıncları və indiyə qədər yaşadan Azərbaycan xalqının qəhrəmanlığıdır. Buna görə də biz əlimizdə olan məmləkəti özümüz istədiyimiz kimi idarə etmək səlahiyyətinə malik olmalıyıq. Biz, Azərbaycan xalqının həyat nə səadəti hər nəyi tələb edirsə, həyata keçirmək üçün heç bir kəsdən icazə istəməyəcəyik! Mənim xəlifədən, icazəsiz Həmədana qoşun gətirdiyim Azərbaycan xalqının milli tələblərini həyata keçirmək üçündür. Azərbaycanlılar heç bir zaman öz tarixi paytaxtının və o paytaxtda oturan Toğrulun beş-on nəfər əcnəbi nümayəndələrinin əlində alət olmasına soyuqqanlılıqla baxa bilməzdi. Qoşun Azərbaycanın tarixi və milli hüdudlarını qorumaq üçün Araz və Kür çaylarını keçib gəlmişdir. Məktubda mənim hökmdarlıq hüququndan məhrum olduğumu yazırsınız. Lakin xəlifə həzrətləri bilməlidir ki, hökmdarlıq üçün varisliyin heç bir əhəmiyyəti yoxdur. Hökmdarı təyin edən xalqın ona bəslədiyi hüsn-rəğbəti və özünün şüur və qüvvətidir. Bunların hamısını əldə etmişəm. Bu gün əmr edərsəm, xəlifə böyük bir məmləkətin xalqını at üstündə görə bilər. Hazırda arxamda yüz mindən artıq qəhrəman bir ordu durmaqdadır. Mən bu gün iradə sadir edərsəm, Şərqdə təzə bir xilafət təşkil edər və başına öz istədiyim zatı təyin edə bilərəm. Həmədan qazısını sürgün etməkdə haqlıyam, çünki bir məmləkətdə iki padşah yaramaz! Mən Eldəniz övladının hökumət sürdüyü bir məmləkətdə qazıların və ruhanilərin ikinci bir hökumət təşkil etməsinə və hökumət işlərinə müdaxilə eləmələrinə imkan verməyəcəyəm. Mənim siyasətim belədir: məmləkətin və xalqın tələblərini yerinə yetirmək üçün törəyə biləcək hər bir məsuliyyət mənim boynumdadır. Biz hökumət işində, qazılar, ruhanilər isə məscidlərdə, mədrəsələrdə oturmalıdırlar. Hökumət işi hökumət əlində mərkəzləşməlidir. Xəlifə həzrətlərinin məktubunda, mənim dindən çıxıb kafir olduğum üçün islam olmayan bir məmləkətə getməyimə fərman verilir. Buna cavab olaraq Əmirəlmöminin həzrətlərinə yazıram: islam olmayan, islam dinini ayağı altına alıb tapdalayan, dini öz məqsədi üçün alət edən, islam dini daşıyan xalqın irz və namusuna təcavüz eləyən bir məmləkət axtarıb getmək istərsəm, o zaman yenə də xəlifə həzrətlərinin oturduğu Bağdad şəhərinə gəlməyə məcbur olacağam. Çünki islam ölkələrini məhv etməkdə olan bütün fəlakətin xəlifə paytaxtından gəldiyini yəqin etmişəm. Sonra, xəlifə həzrətləri Həmədan əyan və ruhanilərindən müsadirə edilən malların sahiblərinə qaytarılmasını əmr edir. Guya islam dini heç bir zaman müsəlmanın halal malının müsadirə edilməsinə icazə vermirmiş. Əmirəlmöminin həzrətlərinə bildirmək lazımdır ki, mənim onlardan müsadirə etdiyim mallar onların müsəlman xalqından qarət etdiyi və cürbəcür hiylələrlə ələ gətirdiyi mallardır. Xəlifə həzrətləri bilməlidir ki, milyonlarla müsəlman malının beş nəfər ruhaninin cibində mərkəzləşməsi islam dininin göstərdiyi və yol verdiyi qanun deyildir. Hərgah xəlifə həzrətləri qarətçiləri müdafiə edirsə, o zaman xəlifənin bizə kafir deməyə haqqı yoxdur! Dara çəkdiyim adamların qan bahalarının verilməsinə əmr edirsiniz. Xalqı soymaqda, hökumət əlində alət edib, məmləkəti əcnəbi himayəsinə verməkdə təqsirlənənləri məhv etmək əsas vəzifəmizdir. Bu cür adamlar, onları müdafiə edən xəlifənin paytaxtına qaçsa da, Əmirəlmöminin taxtının altında gizlənsə də, özüm şəxsən Bağdada gəlib, onları çıxaracaq, dar ağacına çəkdirəcəyəm. Buna görə də mən Əmirəlmöminin həzrətlərindən rica edirəm; Həmədanda böyük siyasi cinayətlərlə məşğul olan hökumət dəftərdarını və Toğrulun dərbar vəzirini və bunlardan başqa da 18 nəfər məmləkət xainin təcili surətdə Həmədana qaytarılmasına əmr versin, biləks, mən öz qoşunumla Bağdada girib onları Xüld qəsrinin qabağına dara çəkdirəcəyəm. Mənim xəzinə işlərinə müdaxilə etdiyimi böytülmala qarşı bir xəyanət hesab edirsiniz. Mən elə zənn edirəm ki, beytülmala xəyanət və israf işlərinin hamısı yenə də xəlifə mərkəzliyindən göyərməkdədir. Əlaüddövlənin Bağdada girib xəlifə Müstənibillahı israr etməsi üçtündə ağaca bağlayıb döydürməsi xəlifə həzrətləri üçün bir dərs olmalıdır. Hərgah bu gün Qızıl Arslan Bağdada girib beytülmalı gözdən keçirərsə, xəlifə Nəsirəddinbillah da özünü xalq iradəsinin qamçıları altında görə bilər. Əmirəlmöminin həzrətləri yazır ki, “padşahın əlinə tapşırılan ixtiyar toxunulmazdır”. Lakin xəlifə həzrətləri burada xalqın hüqu- * * * 1 İranda və Türkiyədə hələ də torpaq vergisi ərəblərin qoyduğu qanunlarla alınır. Çünki mülkədar üçün bu əlverişlidir (Müəllif). qunun və xalqın irz-namusunun toxunulmazlığını heç də nəzərə almamışdır. Xəlifə yazır ki, “padşah xəlifənin, xəlifə isə peyğəmbər-zişənin və uca olan Allahın himayəsindədir. Lakin xəlifə heç vaxt xatirinə gətirmir ki, bir məmləkətin xalqı və məmləkətin özü kimi himayəsindədir. Bunların hamısı ilə bərabər xəlifəyəərz etmək istəyirəm: mənim böyük qoşunla Həmədan şəhərinə gəlməkdən məqsədim qardaşım Toğrulun səltənətini əlindən almaq deyildir. Biləks mən onun səltənətini xarici düşmənlərdən müdafiə etmək və onun ətrafındakı məmləkət düşmənlərini təmizləmək və onu bir müstəqil hökmdar vəziyyətinə gətirmək üçün Həmədana gəlmişəm. Xəlifə həzrətləri məktubunun sonunda yazır ki, “Bir həftənin içərisində öz qoşununu məmləkətin padşahına təslim verib paytaxtı buraxmaz isən Bağdaddan Həmədana qoşun dəstələri göndərib səni və tərəfdarlarını həbs etdirməyə məcbur olacağam”. Buna görə də xəlifə həzrətlərini əmin edirəm ki, onun Bağdad qoşununu əbəs yerə Həmədana göndərməsi lazım deyil, mənim özüm qoşunum ilə Bağdada gəlirəm, orada xəlifə ilə məmləkətimə aid bəzi məsələləri həll edəcək və müqəssirləri alıb cəzalandıracağam. Qızıl Arslan”. Xəlifə məktubu oxuyandan sonra hacibi yanına çağırıb əmr verdi: – Qızıl Arslan tərəfindən məktub gətirən heyəti həbsə alın! Heyət üzvləri bu sözü eşidərkən ayağa qalxdı və Şəmsəddin xəlifəyə baş endirib? – Qızıl Arslan xəlifə həzrətlərinin məktubunu gətirən heyəti xələtlər və qiymətli hədiyyələrdə yola salmışdı, – dedi və hacibin qarşısına düşüb xəlifənin hüzurundan çıxdı. Heyət üzvləri gedəndən sonra xəlifə əmirləri və sərkərdələri çağırıb əmr verdi: – Həmədan üzərinə hücum etmək lazımdır. Qoşunun təcili surətdə səfərə çıxmasına əmr edirəm! Xəlifə bu əmrində qələbənin təmin edildiyini zənn edirdi, çünki iraqlılar, reyilər və Xarəzmşahlar Qızıl Arslan əleyhinə qalxmaq üçün xəlifəyə söz vermişdilər. Qızıl Arslan göndərdiyi heyətin xəlifə yanında qayıtmasını gözləmədi, çünki o, heyətin müsbət bir nəticə ilə qayıtmayacağını əvvəldən bilirdi. O, birinci növbədə Bağdada getmək üçün məmləkətin hüdudlarını bərkitdi, hətta məmləkətin şimal hüdudları olan Şirvan sərhədlərini möhkəm etmək üçün Aran hakiminə müəyyən göstərişlər göndərdi. Çünki, daima məmləkətdə bir hadisə zühur etdiyi zaman, Şirvan hüdudlarında rahatsızlıq baş verirdi. Qoşun ramazan ayı çıxandan sonra Həmədandan Bağdada doğru hərəkət etdi. Yəqubə, Şəhriban, Qızıl Rübat şəhərlərində baş verən kiçik vuruşmaları nəzərə almayaraq Azərbaycan atlıları öz hərəkətini dayandırmırdı. Lakin Azərbaycan atlıları Müseyib şəhərindən Fərat sahillərinə endiyi zaman xəlifənin əsas ordusu ilə üz-üzə gəldi. Ərəb və iraqlılardan ibarət olan bu dəmir geyimli ordu dörd günün müddətində Azərbaycan ordusunun qarşısını kəsib irəli hərəkət etmələrinə imkan vermədi. Onlara nə qılınc, nə də nizə əsər etmirdi. Nəhayət, dörd gündən sonra Fəxrəddinin rəyasəti altında olan Şimali Azərbaycan ordusu müharibə cəbhəsinə gəldi. Dəmir geyimli orduya qarşı müharibə edən azərbaycanlılar ağır və uzun əmudlarla silahlanmışdılar. Müharibə gün çıxandan əvvəl başlandı. Əmud vuruşması işə düşdüyü zaman minlərlə qoçun bir-birilə kəllə-kəlləyə vurduğu hiss olunurdu. Əmudların şaqqıltıları arasında ərəb və iraqlıların iniltiləri də eşidilirdi. Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi. Beş saata qədər davam edən müharibə nəticəsində Bağdad ordusunun böyük bir hissəsi əzilib məhv oldu, sağ qalanlar isə qaçmağa başladılar. Lakin onların qaçıb qurtaracaq yolları kəsilmişdi, onlar Fərat üzərindən çəkilmiş Cisri-Müseyib adlı körpüdən o tərəfə keçmək istəyirdilər. Lakin körpünü vaxt ikən Azərbaycan qoşunu dağıtmışdı. Buna görə də Bağdad qoşunu özünü Fərat çayına atıb canını qurtarmağa tələsirdi. Odur ki, ağır dəmir geyimləri ilə çayı keçə bilməyən minlərlə piyada Fərat çayında boğulurdu. Azərbaycan ordusu iki gün Müseyibdə qalıb öz hazırlığını bitirdi və Bağdada tərəf yürüşə başladı. Azərbaycan qoşunu Musil tərəfindən hücum edən ordu ilə birləşərək Bağdada yeridikləri zaman Düceyl şəhəri altında xəlifənin əsas qüvvələri ilə üz-üzə gəldi. Türklərdən təşkil edilmiş bu ordu xəlifənin ən inandığı və sınanmış ordusundan ibarət idi. Bu ordunun əsas məqsədi Azərbaycan ordusunu Bağdadın şərqindəki xarabalara qədər buraxmaq, Düceyl ətrafındakı böyük səhrada bir meydan müharibəsi verməklə məhv etməkdən ibarət idi. Bu məqsədlə xəlifə ordusunun sərkərdəsi birinci müharibədə Samiriyyə şəhəri qarşısındakı Dəclə körpüsünü dağıtmaq və Qızıl Arslan ordusunun yolunu kəsməyə əmr vermişdi. Dəclə çayının üstündən salınmış Samiriyyə körpüsünü əldə etmək üçün başlanan qanlı müharibələr iki gün davam etdi. Bağdad ordusu körpünü əldə etməklə məşğul olduğu zaman Azərbaycan atlıları cəbhəni yarıb atlarını bir baş Kazimeyin qəsəbəsinə doğru məhmizlədilər. Bağdad qoşunu Kazimeyin ilə Bağdad arasındakı kiçik və dar bir məsafədə yerləşmişdi. Müharibə, qanlı bir vəziyyət almışdı. İraqlılar və türklərdən ibarət olan xəlifə ordusu Azərbaycan ordusunu şəhərə buraxmamaq üçün ölüm-dirim müharibəsi aparırdı. Dördüncü gün xəlifə qoşunu şəhərin qərb tərəfini azərbaycanlılara təslim edərək Dəclə çayının şərq tərəfinə çəkildi. Samiriyyədən Dəclənin şərq sahili ilə irəliləyən ordu sürətlə Bağdada gedərək, çəkilməkdə olan Bağdad ordusunun körpüləri dağıtmasına imkan vermədi. Rəsafə cameindəki azançı axşam azanını verib “həyyə ələssalat” kəlmələrini dediyi zaman Azərbaycan atlılarının dırnaqları da Şəmsiyə, Məxrəm və Rəsafə küçələrinin daşları üzərində çırpınır və qığılcım saçırdı. Axşam əzanı bitirib qaranlıq düşdüyü zaman 50 mindən ibarət Azərbaycan ordusunun atları başını Dəclə çayına salıb su içirdi. * * * Bağdad alınandan beş gün sonra Bağdad qoşununun tərksilah edilməsi işi qurtarmışdı. Xəlifə ordusundan alınan 20 min at, 40 min dəvə, 10 min çadır və 40 min nəfər üçün hərbi silah və sair şeylər dəvələrə yüklənib Azərbaycana yola salınırdı. Xəlifə, Qızıl Arslanın Bağdada gəldiyi xəbərini alan günü təcili surətdə bir istiqbal heyəti düzəldib Yəqubə şəhərinə göndərdi. Qızıl Arslan isə Yəqubə şəhərinə yetişdiyi zaman istiqbal heyətinin sədrinə belə bir cavab verdi: “Bu səyahətdən məqsədim, Dəclə çayını görmək və Kərbəlada Hüseynin, Kufədə isə Əlinin türbəsini ziyarət etməkdən ibarətdir. Qayıdan zaman bəlkə Mədain xərabələrini tamaşa eləmək üçün Bağdada girdim. Xəlifənin böyük və geniş məhəbbətindən olduqca məmnun qaldım”. Qızıl Arslan İraqdakı türbələri ziyarət edəndən sonra Bağdada qayıtdı, köhnə Bağdadın qərb tərəfində qurulan çadırına endi. Bağdad xalqı qalib hökmdarı görmək üçün bütün vaxtını Dəclə çayı kənarında keçirirdi. Xəlifə ikinci dəfə heyət göndərib Qızıl Arslanın Xüld qəsrinə köçməsini təklif etdi. Qızıl Arslan bu dəfə xəlifəyə verdiyi cavabında: “Xəlifə paytaxtına düşmən kimi girməyin xəlifənin şəxsinə qoyulan bir hörmətsizlikdir. Mən Bağdada ancaq sülh şərtləri qəbul ediləndən sonra girib bir dost kimi xəlifeyi-zəminin əlini öpəcəyəm” – demişdi. Qızıl Arslanın bu cavabından sonra xəlifə öz nümayəndələrini göndərib Qızıl Arslanın və şəraitlə sülh etmək istədiyini soruşdu. Vəzir Şəmsəddin Qızıl Arslanın sülh təkliflərini yazılı surətdə xəlifənin nümayəndəsinə təqdim etdiyi zaman dedi: – Bu təklif ondan ötrü yazılı surətdə verilir ki, xəlifə həzrətləri üçün təkliflərin artırılıb-əskilməz və dəyişilməz olduğu aydın olsun. Təkliflər qəbul edilmədiyi təqdirdə xəlifə mərkəzi Bağdaddan Həmədana köçürüləcəkdir. Nümayəndələr sülh təkliflərini götürüb xəlifənin yanına apardılar, bir gün sonra xəlifə tərəfindən imza edilmiş sülh müqavilənaməsini gətirib Qızıl Arslana tapşırdılar. Sülh təklifləri bunlardan ibarət idi: Birinci – Xəlifə Azərbaycan ordusunun məsarifini beytülmaldan deyil, öz şəxsi əmlakından ödəməlidir. Məsarifi xəlifənin və Qızıl Arslanın adamlarından ibarət bir heyət təyin etməlidir. İkinci – Xəlifə qoşunu ilə gedən müharibələrdə öldürülən azərbaycanlıların ailəsi təmin olunmalıdır. Alınacaq təminatın miqdarını Qızıl Arslanın hərbi nümayəndələri müəyyən edəcəkdir. Üçüncü – Xəlifə saray və şəhərin müdafiəsi üçün beş min nəfərdən artıq olmamaq şərtilə qoşun saxlayacaqdır. Bunun əvəzində Azərbaycan hökmdarı hər hansı bir hökumət tərəfindən xəlifəyə qarşı hücum başlanırsa, onu bütün varlığı ilə müdafiə etməyi özünə borc bilməlidir... Altıncı – Xəlifə Azərbaycan məmləkəti üçün qoyulan vergi qanunlarını ləğv etməlidir. Yeddinci – Xəlifə nüfuzunun əcnəbi dövlətlərə qarşı müdafiəsini lazımınca təşkil etmək üçün xəlifə hər il Qızıl Arslana iki yüz min dirhəm qızıl verməyi öhdəsinə götürür. Səkkizinci – Xəlifə Atabəy məmləkətlərinə qazılar, ruhni rəisləri, xəlifə nümayəndələri göndərmək hüququndan əl çəkir. Doqquzuncu – Xəlifə ordularının Azərbaycan məmləkətlərinə olan müxtəlif hücumları nəticəsində məmləkətdən Bağdada aparılan asar-ətiqə və tarixi kitablar Azərbaycana qaytarılmalıdır. Onuncu – Son hadisələr əsnasında Bağdaddan təbid edilən azərbaycanlılar yerlərinə qaytarılmalı və zərərləri ödənilməlidir. On birinci – Xəlifə məmləkətlərində yaşayan azərbaycanlıların bərabər hüquqda yaşaması təmin olunmalıdır. On ikinci – Azərbaycanda Bəni Abbas şahzadələri, qoşun sərkərdələri, əmirləri və hakimlərinin əsrlərdən bəri əldə etdiyi sular, meşələr, malikanələr, torpaqlar və binalar tamamilə Azərbaycan xalqına qaytarılmalıdır. Bu maddəyə ərəb istilası zamanından bəri varislərdən varislərə keçən torpaqlar kəndlər, meşələr və sairləri də daxildir. On üçüncü – Xəlifə başqa hökmdarların məmləkətində olduğu kimi, Azərbaycanda da hökumət quruluşu işlərinə müdaxilə etməyəcəkdir. On dördüncü – Azərbaycanda tətbiq ediləcək hər bir qanun Azərbaycan hökumətinin özünə aid məsələlər olmalıdır. On beşinci – Xəlifə Şimali Azərbaycanda olan təbliğatını dayandırmalıdır. On altıncı – Şirvan şahları ilə Azərbaycan arasında çıxan ixtilaf zamanı xəlifə bitərəf qalmalıdır. On yeddinci – Xəlifə, Qızıl Arslandan qaçıb xəlifə paytaxtında yaşayan on səkkiz nəfər xəyanətkarı təcili surətdə həbs etdirib Qızıl Arslana tapşırmalıdır. On səkkizinci – Müxtəlif hadisələr zamanı Bağdada əsir və hədiyyə sifətilə göndərilən kişilər və qadınlar bir nəfərinə qədər Azərbaycana qaytarılmalıdır. On doqquzuncu – Bunların əvəzində xəlifənin adının xütbələrdə oxunmasını və xəlifə nüfuzunun tanınmasını Qızıl Arslan öhdəsinə götürür. İyirminci – Bu müqaviləni Toğrul və xəlifə imza etməlidir. Müqaviləni Toğrulun imza etməsi üçün Həmədan şəhərinə göndərdilər. Müqavilənin imza edilməsini gözləmədilər. Qızıl Arslanın əmrinə görə xəlifənin yaşadığı Xüld qəsrinin qarşısında on səkkiz dar ağacı quruldu. Qızıl Arslanın əlindən qaçıb xəlifəyə pənah gətirmiş on səkkiz nəfər casus və macəraçı dar ağacına qaldırıldı. Sanki bu gün xəlifələr Bağdadı öz əsrlik yuxusundan ayılır və xəlifələrinin bu qədər zəiflədiyini və alçaldığını hiss edirdi. Vaxtilə Əbu Übeydə, Bəkr ibn Əbdüllah, Əbdülrəhman ibn Rəbiə və Süraqət ibn Əmirlərin Bərdə və Gəncə meydanlarında qurduqları dar ağaclarının indi də Xüld qəsri qarşısında qurulduğuna görə Bağdad, keçmişlərinə matəm tutmağa başlayırdı. Hakim ərəblərin məhkumlar tərəfindən dara çəkildiyi Bağdadın ərəb əhalisi içərisində unudulmaz bir yas yaratdı. Xüld qəsri meydanının ətraf küçələri minlərlə əhali tərəfindən tutulmuşdu. Lakin Azərbaycan qoşunu hər tərəfi kəsib meydana heç bir kəsi buraxmırdı. Ərəb milli təəssüblərini daşıyan qocalar hər tərəfdə xəlifə Mənsur və Harünərrəşid saraylarının qarşısında diz çökub ağlayır və deyirdilər: “Qaytar bizim əzəmətli və qalib günlərimizi!” Lakin qəsrlərin heç birisindən bu səslərə səs verən yox idi. Ərəb xəlifəliyinin dünyanı öz təsiri altına alan əzəməti Bəni Abbas xəlifələrinin qüdrətli və şöhrətli günləri, gözəl cariyələrin, əsir qız və məhkum gəlinlərin qucağında eyş-işrətin, səfahət və israfın nəşəli qucağında çürüyüb getmişdi. Qızıl Arslanın əmri həyata keçdiyi və cinayətkarlar dar ağacına qaldırıldığı zaman, minlərlə Azərbaycan atlısı bir dəfə qılıncını qınından çıxardı. Xəlifə qəsrindəkilər düşdükləri həqarətin bu müdhiş mənzərəsini görməmək üçün qəsrin geniş pəncərələrinin ipək örtülərini saldılar. Sanki pərdələrin salınması xəlifələr dövrü səhnəsinin son pərdəsi idi. Xəlifəlik tarixinin son vərəqi çevrildiyi zaman, Qızıl Arslan xəlifədən kiçik bir məktub aldı. Məktubda yazılırdı: “Hökmdardan rica edirəm ki, cinayətkarların meyitlərinin dar ağacında qalmasına imkan verməsin. Bu hadisə mənim ailəmin qorxmasına səbəb olur. Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. Xalqın bu hərəkəti bizim dostanə əlaqəmizi də xələldar edə bilər. Rica edirəm bu barədə təcili sərəncam verəsiniz”. Qızıl Arslan xəlifənin məktubunu alan kimi dar ağaclarının götürülməsinə əmr verdi. Xüld qəsrinin pərdələri də həmin gün qaldırıldı. Müqavilə Həmədanda imzalanıb gətirildi. Qızıl Arslanın nümayəndələri ilə xəlifənin nümayəndələri üç günün müddətində müqavilə şərtlərinin həyata keçirilməsi üçün başladıqları işlərini qurtardılar. Bundan sonra xəlifə Qızıl Arslana ikinci bir məktub göndərdi. O, yazırdı: “Hökmdar bizi sərəfraz etmək üçün şəhərə köçməlidir. Əmin qəsri hökmdar üçün hazırlanmışdır”. Qızıl Arslan bu məktubu alandan bir gün sonra böyük bir təntənə ilə Əmin qəsrinə köçdü. Tam bu günlərdə Qızıl Arslan Nizami və Xaqaninin Hecaz və İraqeyn səyahətindən qayıdıb Bağdada gələcəklərini eşitdi. Bu xəbər Qızıl Arslan üçün ikinci bir qələbəni təşkil etdi. * * * Mədain xərabələrində Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər. Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi. On bir gündən sonra Qızıl Arslanla şairlər xəlifənin gəmisinə oturub Kəsra qəsrinə, Mədain xərabələrinə baxmaq üçün yola düşdülər. Qızıl Arslan Kəsra qəsrinə çox diqqətlə baxdı, bir ah çəkərək Nizami tərəfə baxıb bu şeiri oxudu: Cəzayi xeyri əməl bin ki ruzigar hənuz Xorab mi nəkünəd barigahü Kəsrara Qızıl Arslan bu şeiri oxuyandan sonra əlavə edərək dedi: – Mən ərəb xalqına düşmən deyiləm. Lakin onların, xalqların mədəniyyətinə olan vəhşicəsinə təcavüzləri məndə o xalqın rəhbərlərinə qarşı silinməz bir nifrət oyandırmışdır. Onlar xalqların mədəniyyətini yıxdılar, əvəzində isə onlara din və məzhəb verdilər. Nizami Qızıl Arslanın cavabında gülümsəyərək dedi: – Onların din və məzhəbdən başqa nələri var idi ki?! Qızıl Arslanla Nizami bu söhbətlərdə ikən Xaqanini görmədilər. Onlar Mədain qəsrinə qayıtdıqları zaman Xaqanini orada gördülər. O, qələmdanı qəsrin qırıq kərpicləri üzərinə qoyub, Mədain xərabələrini diqqətlə nəzərdən keçirir və düşünürdü. Nizami Qızıl Arslanı dayandırdı: – Dayan hökmdar! Ona mane olmayaq, şair yazdığı zaman onun fikri başqa aləmlərdə gəzir, elə bir zamanda şairə yaxınlaşmaq, onu qalib ikən məğlub etmək deməkdir. Onlar qayıdıb bir daha dolaşdılar, Xaqani isə oturub hər qırıq daşı bir hökmdarın əsərini oxuyan xərabələrə baxırdı. O, bir saatdan artıq oturmadı, şerini yazıb bitirdi. O, yerindən qalxıb donunun ətəklərini Kəsra qəsrinin tozlarından təmizlədiyi zaman, Qızıl Arslanın xidmətçisi gəlib onu çağırdı. Nahar vaxtı idi. Qızıl Arslan üçün Mədain xərabələrində nahar yeməyi hazırlanmışdı. Nahar yeməyindən sonra bir daha Mədain xərabələrini gəzdilər, sonra da Bağdada qayıtmaq üçün gəmiyə oturdular. Gəmi yola düşdüyü vaxt Nizami Xaqaniyə müraciət edib dedi: – Əfzələddin, yazdığını tamamladınmı? – Bəli, tamamladım. – Oxuya bilərsənmi? Qızıl Arslan da maraqlandı və ricaedici bir surətdə Xaqaniyə dedi: – Rica edirəm o şeri birinci olaraq mənim üçün oxuyun. Qoy tarixdə “Xaqani Mədain xərabələrinə yazdığı şerini birinci dəfə Qızıl Arslan üçün oxumuşdur” – deyə yazsınlar. Çünki mən əsrimdə elə bir islahat yarada bilmədim ki, adım tarixdə yaşaya bilsin. Nə həyatım, nə də düşmənlərim tarixdə yaxşı ad qoymaq üçün mənə imkan vermədi. Fikrimdə olanların yüzdən birisini həyata keçirə bilsəydim, özümü dünyanın ən tarixi bir adamı hesab edərdim. Hələlik iki böyük zatın dostluğunu qazanmaq şərəfinə nail olmuşam, bəlkə bunlarla dünyada mənim adımı çəksinlər. Qızıl Arslan bunu deyərək, məhzun bir vəziyyət aldı, yenə də üzünü Mədayin xərabələrinə çevirib baxmağa başladı. Nizami, Qızıl Arslanın həyatda bədbinləşdiyini görüb Xaqaniyə müraciət edib yavaşdan dedi: – Şerini oxu! Hökmdarı kədərlərin pəncəsindən qurtar. Xaqani şeirini oxudu: Han ey dele ibrət bin əz dide nəzər kon han, Eyvani-Mədayinra ayineyi-ibrət dan. Yek rəh zerehi Dəclə mənzel be-Mədayin kon, Əz didə dövüm Dəclə bər xaki-Mədayin ran. ............................... Dəndaneyi her qəsri pəndi dəhədət nov-nov Pənd öz səri dəndane bəşnov zi bone dəndan. Güyəd ki, to əz Xaki, ma xake-toim əknun. Kame do se bər ma neh, əşki do-se həm befşan. Əsər çox təfsilli yazılmışdı. Qızıl Arslan çox razı qaldı. Nizami isə: – Bu əsər Əfzələddinin şah əsəridir. Gələcəkdə bu şeir mislinə yüzlərcə nəzirələr yazılacaqdır. Lakin onların heç birisi müvəffəq ola bilməyəcəkdir. Qızıl Arslan isə fikirli bir surətdə Xaqaniyə və Nizamiyə baxıb dedi: – Mən bunun üçün Şirvan şahlığının düşməniyəm. Çünki onlar Xaqani və Əbül Üla kimi şairlərin dillərini əllərindən aldılar, yerli dildə ədəbiyyat yaradılmasına imkan vermədilər! Hazırkı şerin böyük qiyməti yerli dildə yazılmasındadır. Qızıl Arslan xəlifədən alınan qiymətli daşlar, qızıl və gümüşlə Toğrulun xəzinəsini doldurdu. Məmləkətin daxilindən əcnəbi nümayəndələrini sürgün etdi və Toğrula bir məktub göndərdi: “Hazırda məmləkətin hüdudları tanılmış qoşunların müdafiəsi altındadır. Düşmən qorxusu hiss edilmir. Düşmən sərhədlərdən və məmləkətin daxilindən qovduq, hökuməti xəlifənin və xəlifə bayrağı altında işləyənlərin nüfuzu altından qurtardıq. Hazırda məmləkətimizdə təzə həyat yaratmaq üçün böyük imkanlar vardır. Hökmdar bu imkanlardan istifadə etməlidir. Xəzinəni qızıl və qiymətli daşlarla doldurmuşam. Onların hamısı bizim məmləkətimizdən axıb israfçı xəlifələrin xəzinəsinə tökülmüşdü. Hökmdar çalışmalıdır ki, bir daha o qızıllar və hədd-hesaba gəlməyən sərvətimiz başqa yerlərə axıb getməsin. Hökmdar çalışmalıdır ki, ruhanilərin və qazıların əlindən aldığımız hüquq bir daha onlara qaytarmalısan. Hökmdar bir daha ətrafında əcnəbi nümayəndələrinin yerləşməsinə imkan verməməlidir. Bir qədər ehtiyatlı olmaq lazımdır. Məmləkət işlərini şəxsi işlərdən ayırmaq və rəiyyətin qeydinə qalmaq, ölkənin abadlığına çalışmaq birinci vəzifəmizdir. Xalqın gözünün açılmasına çalışmalıyıq. Şüuru kor olan rəiyyətlə mədəniyyət qurmaq mümkün olmaz. Məktəblər, mədrəsələr açdır. Müəllimlərin xalqa nə öyrətdikləri ilə tanış olmaq hər şeydən əvvəl lazımdır. Məscidlərimiz çoxdur. Ruhanilərin başını məşğul etmək üçün məscidlərə müəyyən kəndlər və malikanələr təxsis edilməlidir. Qoy onların başı yeməklə məşğul olsun. Belə olursa, onlar hökumət işlərinə müdaxilə etməyə vaxt tapmazlar. Məmləkətdə ziyalı qüvvələrin doğulmasına çalış, çünki ruhanilərin yarada biləcəkləri adət və bidətləri ancaq ziyalılar və alimlər vasitəsilə ləğv etmək mümkündür. Məmləkətin və xalqın vəziyyətini bilavasitə deyil, bilavasitə öyrənmək lazımdır. Hökumətin taxıl anbarlarını göz bəbəyi kimi qorumaq lazımdır. Məmləkəti qıtlığa düşürənlərlə, aclıq nəticəsində xalq üsyanı yaradanlarla mübarizə üçün hər şəhərdə taxıl anbarları saxlamaq lazımdır. Gözətçiləri və xalq həyatının müdafiəçilərini tez-tez gözdən keçirmək lazımdır. Xalq bizə arxalanıb gecələri evində rahat yatdığı zaman biz yatmamalıyıq. Hökumət qanunlarını elə bir şəklə salmaq lazımdır ki, rəiyyət əsirlik, məcburiyyət və məhkumluq hiss etməsin. Hökmdarlığın ən əsas və lazımı cəhətlərindən birisi də öz dostunu tanımasından ibarətdir. Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə qarşı amansız mübarizə açmalısan. Buna görə də Azərbaycan xalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onları qəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftar etmək lazımdır. Yerli dilin inkişafına çalış, çünki milli varlıq vahid dil vasitəsilə möhkəm ola bilər. Məmləkət daxilində yaşayan və azərbaycanlı olmayan millətlərlə rəftar və hərəkətini ümumi hökumət qanunu dairəsində qurmalısan. Rəiyyətin ögey və doğması olmamalıdır. İsrafdan və xəsislikdən qaçmalısan. Məmləkət işlərində vəzirlərindən məsləhət almaqla kifayətlənmə, onlara məsləhət verməyə və işlərini yoxlamağa çalış. Din işlərinə məşğul olduğun zaman dünya işlərini yadından çıxarma, çünki dünyada yaşamaq üçün onu abad etməli və yaşayış şəraitini gözəlləşdirməlisən. Fəxrəddini və Əlaəddini qoşunla bərabər Həmədanda qoyub gedirəm. Onlar bu məmləkətin dostudur, onlara inanmamaq mənə inanmamaq kimidir”. Qızıl Arslan bu vəsiyyətləri yazılı olaraq Toğrula verəndən sonra Xaqani və Nizami ilə bərabər Təbrizə tərəf yola düşdü. Lakin Qızıl Arslanın Bağdaddan qayıdan qalib ordusu musiqi və şadlıqla qarşılanmırdı, çünki Qızıl Arslan Həmədandan çıxdığı gün məhərrəm ayı daxil olmuşdu; buna görə də Həmədandan Təbrizə qədər olan on günlük yolu təziyə səsləri və matəm sədaları içərisində keçib gedirdilər! Qızıl Arslan Qəzvin xalqının “Va Hüseyn!” qışqırığını görüncə, yavaşdan Nizamiyə müraciət edib dedi: – Azərbaycan xalqının “Hüseyn təziyəsi” yerinə Babəkin öldürüldüyünü matəm elan etdiklərini görsəydim, o zaman özümün həqiqi azərbaycanlı olduğumla fəxr edərdim. Bağdad üzərinə olan son səfərim göstərdi ki, azərbaycanlılar Midiya dövründəki qəhrəmanlığını itirməmişdir. Onlar bunu Müseyibdə və Bağdad qapılarında gedən qanlı müharibələrdə isbat etdilər. Azərbaycanlılar Midiya dövründə olduğu kimi, bir daha asorilər və gəldanilər vətənində qılınc parlatdılar. Sizi əmin edirəm ki, mən bu xalqın köməyi ilə Azərbaycanın Midiya dövründəki hüdudlarını alınmaz bir qala şəklinə qoya bilərəm. Lakin məmləkətin düşmənləri irsi qəhrəmanlığı çürütmək və bu qəhrəmanlığı daşıyan xalqı özünün köləsi qayırmaq üçün Azərbaycana sirayətedici bir xəstəlik salıbdır ki, o da mövhumat, mövhumat, yenə də mövhumatdan ibarətdir. Bu mövhumatın ən böyüyü həmin “Hüseyn təziyəsidir”. Azərbaycan ziyalıları bununla mübarizə aparmalıdır. Qızıl Arslan Həmədandan Təbrizə qədər Nizamidən özünün başladığı islahat haqqında bir çox məsləhətlər aldı. Nizaminin ona verdiyi əsas məsləhət bundan ibarət idi: “Hökmdarın tələsməsi lazım deyil. Böyük işlər hazırlıq və tədricilik tələb edir. Mövhumat və büdət hansı yollarla gəlmişdirsə, həmin yollarla da onu məhv etmək lazımdır. Heç bir kəsə “dinini at” demək olmaz. İnsanları büdət və dinin məşğuliyyətindən ayırmaq üçün onlara başqa məşğuliyyət vermək lazımdır. O məşğuliyyət mədəni məşğuliyyətlərdən ibarətdir. İndiyə qədər ərəblər və iranlılar bu yolun qarşısını almışlar, lakin indi bizim üçün heç bir maneə yoxdur. Xüsusən əlahəzrətin xəlifə ilə bağladığı son müqavilə mövhumatla mübarizə üçün böyük imkanlar yaradır. Azərbaycanlıların qəhrəmanlığına inanıram. Lakin bu qəhrəmanlığı elm və mərifətlə taclandırmaq lazımdır”. Qızıl Arslan Nizaminin cavabında: – Fikirləriniz doğru fikirlərdir, – dedi. * * * Təbriz xalqı Bağdad səfərindən zəfərlə qayıdan hökmdarı Vasminc şəhərinə qədər istiqbal etmişdi. Alınan əmr üzərinə Əbubəkr ibn Məhəmməd böyük şairlər üçün “Qızıl su” məhəlləsində təntənəli bir bina hazır etdirmişdi. Təbriz ədib və şairləri Nizami və Xaqaninin Təbrizə gəlməsini böyük milli bir bayram kimi qarşıladı. Şimali Azərbaycan ordusunun son dəstələri Gəncəyə qayıtmaq istədiyi zaman, Xaqani ilə Nizami Qızıl Arslana müraciətlə Aran tərəfinə qayıtmaq üçün icazə istədilər. Qızıl Arslan bu təklifdən razı qalmayaraq dedi: – Mən çox təəssüf edirəm ki, pərəstiş etdiyim iki böyük zat məndən ayrılmaq istəyir. Təbrizdə qalıb, məmləkətin idarəsi işlərində mənə kömək edin, sizin məsləhətləriniz mənim üçün olduqca qiymətlidir. Mənim ədiblərə, şairlərə və alimlərə qoyduğum qiymət sizə gizlin deyildir. Görürsünüz ki, “Qızıl su” məhəlləsini şairlər, ədiblər, alimlər və filosoflar məhəlləsinə döndərmişəm. Sizin üçün hər nə lazım isə hazır etdirərəm, ailənizi Təbrizə gətirmək üçün rahətlərini təmin edərəm. Xüsusən Xaqani cənablarının Şirvan şahlığına qayıtması da yaxşı deyil, ona görə də Təbrizdə qalmasını məsləhət görürəm. Xaqani Təbrizdə qalmağa razılıq verdi, lakin Nizami: – Hökmdar həzrətləri özü bilir ki, mən Gəncəni sevirəm, – dedi. – Mən gəncliyimi orada keçirmişəm. Orada da qocalmaq istəyirəm. Mən o torpağın məhsuluyam, buna görə də aranlılarla birlikdə yaşamaq istəyirəm. Orada yalnız mənim ailəm deyil, minlərcə dostlarım və şerimin maraqlıları vardır. Onlardan ayrılmaq, hər şeydən ayrılmaqdır. Mən o həyatı və oradakı kasıb evimi sevirəm. Orada yaradılmışam, orada da yaradıram. Mən vətənimdəki ölülərdən və dirilərdən də ayrılmaq istəmirəm, mən Məhsəti xanımla bir qəbrə yatmağı istəyirəm. Hökmdar məni buraxsın, gedib Gəncədə öz padşahlığımı sürüm. Qızıl Arslan yerindən qalxıb Nizaminin əlindən və alnından öpərək: – Sən diriliyində də, öləndən sonra da padşahsan, padşahları bir ölkə taclandırırsa, sən bütün ölkələri öz əsərlərinlə taclandırırsan, – dedi və öz taxtını göstərib: – Minlərlə belə taxtlar, böyük şairin bir misrasına bərabər ola bilməz. Gedin, razılıq verirəm, lakin qəlbən dərin bir kodər hiss edirəm, – dedi və Şəmsəddini çağırıb əmr verdi: – Böyük Nizamini Arana yola salmaq və şairin rahatını təmin etmək üçün hər nə lazım isə hazır etdirin, şimala qayıdan ordu hissələri ilə şair də yola düşməlidir. Üç gündən sonra başının üzərində zəfər bayraqları əsən bir taxt-rəvan gedirdi. Təbriz yazıçıları, Təbriz şairləri Xaqani ilə birlikdə Nizamini yola salmaq üçün Acı çaya qədər piyada gəlib orada vidalaşdılar. Xaqani Nizaminin qolundan tutub taxt-rəvana qaldırdı, öpüşdülər, ağladılar. Ordu körpünün şimalından şərqə doğru dönüb Qaradağ yoluna aşınca qədər Xaqani durub Nizaminin dalınca baxırdı, sanki onu qəlbindən səsləyib deyirdi: – Əcəba, mən səni bir daha görməyəcəyəmmi?! * * * İnad Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı: “Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır. Həşəmətmaab həzrətlərinə xəbər verilməsi lazım gələn məsələlərdən birisi də əlahəzrətin Azərbaycan qoşunlarına məsarif verməməsindən ibarətdir. Bu barədə Həşəmətmaabın əmrini gözləyirik. Əlahəzrətin əmrinə görə təzə qoşun dəstələri düzəlir. Qoşunun rəhbərləri keçmişdə Həşəmətmaab tərəfindən tərk-silah edilmiş rəislərdir. Aralıqda gəzən şaiyələrə görə Həmədanda olan Azərbaycan qoşunlarını məmləkətin başqa tərəflərinə göndərmək istəyirlər. Alınan xəbərlərə görə Qətibə xatunun Həmədana gətirilməsi münasibətilə Atabəy sarayını təmir etdirirlər. Bu gün Həşəmətmaabın Rey məmləkətinə göndərdiyi dəstələrinin birinci hissəsi Həmədana qayıtdı. Qoşunun nə səbəbə geri qaytarılması məlum deyil. Hələlik əlahəzrət bu qoşunun nə vəzifə ifa edəcəyi haqqında bir əmr sadir etməmişdir. Bu barədə Həşəmətmaabın əmrinə müntəzirik. İki gün əvvəl Həmədana Bağdaddan on nəfərdən ibarət bir heyət gəlmişdi. Onlar burada bir gün qalandan sonra Azərbaycan tərəflərinə yola düşdülər. Hər halda əlahəzrətin məmləkəti idarə etmək barəsindəki hərəkəti şübhəlidir. Paytaxtda kimliyi məlum olmayan adamlar həddindən artıqdır. Əlahəzrətin sarayına qarovul təyin edilmiş azərbaycanlılar təzədən mənim sərəncamıma göndərilib, yerlərinə İraq qoşunları təyin edildi. İşdən qovulmuş vəzirlər təzədən əlahəzrət tərəfindən işə götürülmüşdür. Əlahəzrətə verilən məruzə məktublarının heç birisinə cavab almırıq, şəhərin mühafizəsi və qələbəyilik vəzifəsi mənim ixtiyarımda olduğuna baxmayaraq Həşəmətmaab tərəfindən dara çəkilmiş şəhər mühafizəsi rəisinin qardaşı bu işə təyin olunmuşdur. Buna görə də təklifiniz müəyyən edilməlidir”. Qızıl Arslan Fəxrəddin və Əlaəddinin məktubunu alan kimi Toğrulun və Qətibənin inadlarında davam etdiklərini təyin etdi və Qətibə xatuna belə bir məktub yazdı: “Möhtərəm mələkə! Cənab haqqın inayət və mərhəmət sayəsində salamat yaşadığınızı eşidib həddindən artıq şadlandım. Bağdad səfərimiz haqqında sizə təfsilən yazmışdım. O barədə bir daha yazmaq istəmirəm. Lakin bu günlər paytaxtdan gələn xəbərlər məni olduqca rahatsız edir. Əlahəzrət yenə də məmləkətin dostu olmayan bir çox şəxsiyyətləri iş başına gətirməklə, Azərbaycan xalqının qanı ilə əldə etdiyimiz qələbəni uduzmağa çalışır. O, Həmədanda olan Azərbaycan qoşunlarının vəzifələrini azaldır, xain vəzirləri iş başına gətirir, hətta məmləkətin düşmənləri olan qonşu hökumətlər ilə də əlaqəyə girir. Təbrizə gələn xəbərlərə görə mələkənin də Həmədanına getmək xəyalı var imiş. “Mələkə həzrətləri bir daha Həmədandan çıxmağa məcbur olmasın” – deyə mən məsləhət görmürəm. Əlahəzrətin hərəkətləri mənim bir daha Həmədanı işğal etməyimə səbəb olacaqdır. Rey məmləkətinin idarəsi barəsində ümid etmədiyim xəbərləri eşidirəm. Mən heç vaxt məmləkətin mühüm bir hissəsinin əcnəbi himayəsinə keçməsinə imkan verməyəcəyəm. Nə qədər Qızıl Arslan sağdır, Atabəy məmləkətinə əcnəbi əli uzadıla bilməz. Mən ölsəm də azərbaycanlılar mənim məqsədimi təqib edəcəkdir. Mən qardaşım oğlu Qütlüğün igidliyinə inanıram. Hərgah ona təsir yetirəcək xain əllər vardırsa, onu müdafiə edən qılınclar da yox deyil. Mən əlahəzrətin Rey məmləkətinin idarəsi haqqındakı fikrini bilmirəm, mələkəyə öz şəxsi fikrimi yazıram. Mən heç vaxt nə mələkənin oğlunun, nə də əlahəzrətin Rey barəsində başqa bir hökumətlə bağladığı müqaviləni tanımayacağam”. * * * Hüsaməddin Xarəzmdən Həmədana qayıdan kimi əlahəzrət Toğrul tərəfindən qəbul olundu və Qətibəyə məktub aparmaq üçün Rey şəhərinə yola düşdü. Qütlüğ İnanc köhnə dostunu çox hörmətlə qəbul etdi. Ona ziyafət və xələt verəndən sonra, Qətibə ilə görüşmək üçün Şimran yaylasına yola saldı. Qətibə tək idi. O çox kədərli idi. O, Rey şəhərinə göndəriləndən sonra büsbütün dəyişmişdi. Əsəbləri pozulmuşdu, işsizlik onu xəstələndirmişdi. Qızlığından bəri macəra və intriqalara adət etmiş bu qadın siyasətə, intriqa və ixtilafa qoşulmadan yaşaya bilmirdi. O, Qızıl Arslan tərəfindən Rey şəhərinə sürgün edildiyinin birinci ayında Səba xanımın cariyələrlə nökərlər arasında düzəltdiyi döyüşmə və ixtilaflarla vaxtını keçirirdi. Nəhayət, bu məşğuliyyət də onun üçün uzun çəkmədi, iki cariyə özünü suya atıb boğandan, birisi də özünü zəhərlədikdən və bir nökər isə Səbanın dediyi üzrə cariyələrlə əlaqədə olmasilə töhmətlənib döydürüldükdən sonra Qətibə daha da əsəbiləşib Səbanı öz yanından qovdu. Gün batırdı, o, yerindən bir xəstə kimi qalxıb güzgünün qarşısına gəldi. Uzun dəqiqələr güzgünün qarşısında durub bütün varlığını gözdən keçirdi, lakin o özünün tamamilə dəyişdiyini hiss etmədi, çünki o, hər gün güzgüyə baxdığı zaman: “Yenə də dünənkiyəm, çöhrəmdə, əndamımda heç bir dəyişiklik yoxdur” – deməyi adət etmişdi. Yenə də həmin sözü dedi. Doğru deyirdi. O, dünənki idi, lakin “dünənki” sözü təkrar edilə-edilə 20 ilə varmışdı. Onun Nizami şerini əzbərlədiyi gündən, doğrudan da, iyirmi il keçirdi. O, daima güzgüyə baxıb öz gözəlliyini təqdir etdiyi zaman Nizaminin bu şeirini oxuyardı: “O gözəl, incə sevgilərdən şən, Bir çiçəkdir doğuldu şəbnəmdən”. Qətibə güzgünün qarşısında durub bu şeri bir daha oxudu və öz-özünə dedi: – O daş ürəkli şair bir şeri mənim üçün yazmasa belə, mən daima özümü həmin şerin kəlmələri içərisində görürdüm. Mən heç vaxt qocalmayacaqdım. Çünki mən sevə bilərdim, həm də ki, gözəlliyim solmaz bir gözəllik idi. Lakin o şair mənim gözəlliyimə qarşı sui-qəsd etdi. O bununla kifayətlənmədi, mənim bədbəxtliyimdə də iştirak etdi, mənim düşmənlərim ilə dostluğa başladı. Atamın qatilləri də onun dostlarının cərgəsində idi. Lakin mənim gözəlliyim hələ təslim olmamışdır. Gözəlliyim ona qarşı bir çoxlarının düşmən hisslərini coşdura bilər. Birisinə öz mərtəbəm üçün ərə getdim, o birisinə də oğlumun gələcəyi üçün ərə getməliyəm. Kim bilir, bəlkə başqasına da gedəcəyəm. Lakin bunların heç birisi ər deyil, mən də onlara qadın deyiləm. Bu dünyada aldadanlar və aldananlar hədsizdir. Mən də onların birisiyəm. Axırda kimlər qalib gələcəkdir?! Yalançı sevgiliyə əsir olanlar məğlub, başqalarını öz sevgilərinə inandıranlar isə qalib gələcəkdir. Qətibə bunları dedikdən sonra bir daha güzgüyə baxdı və yavaşdan dedi: – Bilmirəm, mən bu yaşımda və solmağa başlayan gözəlliyimlə bir qəlbə girməyi bacara biləcəyəmmi? O mənə inanıb öz məğrur başını dizimin üstünə qoyacaqdırmı? Mən o zaman onu məhv edər və onun dostluğu ilə fəxr edən və ona öyüd verən şairi də onun dalınca yoxluğa tərəf göndərərdim. Qapı açıldı, cariyə gəlib: – Bir nəfər müsafir mələkə həzrətlərini görmək istəyir, – dedi. Qətibə güzgüdən aralanıb: – Buyursun! – dedi və öz-özünə danışdı: “Ah, ey mənim mənfur bəxtim, sən bir dəfə də mən düşündüyüm kimi düşünsəydin! Sənə aylarca yalvarıram, lakin yenə də mənim əməl və arzularımın əleyhinə gedirsən. Əcəba bədbəxt bir qadını güldürmək və kədərli bir qəlbi sevindirmək sənin üçün ağırdırmı? Çətindirmi? Sən mənə nə Hüsaməddindən bir xəbər, nə də Toğruldan bir məktub qazandıra bilmədinmi? Sən məni tamamilə məhv etməkmi istəyirsən?”. Bu sözdə Hüsaməddin içəri girib salam verdi və mələkənin ayaqlarından öpmək üçün diz çökdü. Qətibə isə onun qolundan tutub qaldırdı və dedi: – Qalx, mənim ruhum, qalx! Qalx dostum, qalx! Səni bura gətirən mənim iqbalımdır. Bəxtim mənə gələcəyin qalibiyyət xəbərini verdi. Qətibə bu sözlərdən sonra özünü Hüsaməddinin qucağına atdı, dodaqlarını onun dodaqlarına dayadıqdan sonra yenə də həmişə olduğu kimi: – Dalısı sonra, dediklərim həyata keçdikdən sonra, – dedi və Hüsaməddinin əlindən yapışıb öz yanındakı səndəlin üzərində oturtdu, sual verdi: – Mənim ruhum, səni həbsxanadan kim qurtardı? – Məni mələkənin əmri və Səba xanımın köməyi qurtardı. – Həmədandan danış görüm nə vardır? Onlar öz mələkəsini unutdumu? – Xeyr, mələkə həzrətləri. Sizin dostlarınızın hamısı Həmədana gəlibdir. Onlar öz möhtəşəm mələkəsinin yolunu gözləyirlər. – Doğrudan da yolumu gözləyirlərmi? – Bəli, yolunuzu gözləyirlər. Atabəy qəsrinin təmirinə başlanıbdır. Qətibə bu sözdə dodaqlarını bir daha Hüsaməddinə uzadaraq soruşdu: – Sən bunu doğrumu deyirsən? – Atanızın ruhuna and içirəm! Əlahəzrətin məktubunu gətirmişəm. Hüsaməddin bunu deyərək, Toğrulun məktubunu Qətibəyə verdi. Lakin Qətibə sevindiyindən oxuya bilmirdi, hərflər onun gözündən qaçırdı, ürəyinin çırpıntısı göz bəbəklərinin hərəkətinə səbəb olurdu. Nəhayət, əlləri titrəyə-titrəyə məktubu Hüsaməddinə uzadaraq: – Al oxu, mənim ruhum, al oxu, – dedikdə Hüsaməddin məktubu alıb oxumağa başladı: “Möhtərəm mələkə! Zamanın hadisələri bir-birini təqib edir. Həyatımızın qiymətli günləri ruzigarın dəyirmanında dartılan dən kimi toz olub gedir. Qardaşımın əqlə və siyasətə uyğun olmayan hərəkətləri yalnız düşmənlərin deyil, dostlarımızın da həyatına fəna təsir edir. O, təzə dünya yaratmaq istədiyi islahat ilə köhnə dünyanı da dağıtdı. Dünya qurmaq işində bacarığı olan adamları sürgünə, həbsxanaya alır və dar ağacına qaldırır. Mələkənin Həmədandan getməsi mənim üçün çox ağır idi, lakin məni təskin edəcək bir cəhət var idi; o da mələkənin Həmədanda əsən küləkli günləri görməməsi idi. Lakin o günlər daha yoxdur. Yenə də mən işi öz sahiblərinin əlinə tapşırmağa başlamışam. Zəhir Bəlxi və Kəmaləddin cənabları da paytaxtdadır. Azərbaycandan Həmədana gətirilən nadinc qoşunların yavaş-yavaş qulaqları burulur. İraqlılardan ibarət çox qüvvətli qoşun dəstələri düzəltmişik. Hər iş öz yerindədir. Olmayan bir iş varsa, o da mələkə həzrətlərinin Həmədanda olmamasıdır. Buna görə də Hüsaməddini Xarəzmdən çağırıb mələkəni paytaxta gətirmək üçün Reyə göndərdim. Bu barədə ixtiyar mələkənin özündədir. Atabəy qəsri təmirdən qurtarıb mələkənin təşrif gətirməsini gözləyir”. Qətibə məktubu alıb gözlərinə sürtdü və həyəcanla qalxıb otağın o tərəf-bu tərəfini dolaşdı, Hüsaməddin isə oturub öz hərəkətinin aqibətini düşünürdü. O, mələkənin paytaxta getməsindən razı qalırdısa da, onun Toğrul ilə barışmasından heç də razı deyildi. Çünki mələkənin paytaxtı və mələkəliyi ələ almaq istədiyini bilirdi, bu isə ancaq mələkənin Toğrula ərə getməsi ilə mümkün idi. Hüsaməddin bunları düşündüyü dəqiqələrdə Qətibə də evi dolaşdığı halda fikirləşirdi: “Əvvəlcə mənə Toğrul lazımdır. Onu istədiyim zaman aradan qaldıra bilərəm. O həm qorxaqdır, həm də tez aldanır, Hüsaməddin isə qorxmaz bir adam olsa belə axmaqdır, sevgisi başının bəlasıdır. O, hələ indi də mənə baxdığı zaman Gəncədəki Qətibəni düşünür. Halbuki mənim iyirmi yaşında oğlum bir məmləkətin hökmdarıdır. Hüsaməddinə gələndə adi bir qoşun sərdarıdır. Lakin hazırda o mənim əlimdə oyuncaqdır. O elə xəyal edir ki, bir məmləkətin mələkəsi və bir hökmdarın əzəmətli anası ona ərə gedəcək və onunla soyunub bir yorğan-döşəyə girəcəkdir”. Qətibə bunları düşünürkən, özü də hiss etmədən qəhqəhə ilə güldü. Bu gülüş Hüsaməddinin sükutunu pozdu, çünki Hüsaməddin də eyni dəqiqələrdə düşünür və öz-özünə deyirdi: “İndi mən nəyəm?! Əlimdə qoşun yox, vəzifə yox, bir məmləkətin hakimi deyiləm. Qətibə mənim hansı bir mərtəbəmə aldanıb mənə ərə gəlməyə razı olacaqdır? Hazırda onun qapısında yüzlərlə mənim kimi nökərləri və onun oğlunun əli altında minlərlə səcdə edən Hüsaməddinləri vardır: Hazırda başqalarına səadət qazandırmaq üçün alət vəzifəsi bitirməkdəyəm. Qətibə qəlbində mənim üstümə gülür”. Qətibə də eyni ilə bunları düşünərək bir daha qəhqəhə ilə güldü və yenə də Həmədana nə zaman və nə qayda ilə hərəkət etməsi üzərində düşünməyə başladı. Hüsaməddini uzun illərin təhqirləri yaxaladı, o ayaq üstündə durduğu zaman böyük güzgüdə öz boy-buxununa baxdı, utandığından tərlədi, bir neçə dəqiqə dərin düşüncəyə qərq oldu və özünə nifrət edərək dedi: “Bax mən nə idim... Hazırda nə olmuşam?! Mənim sevgim, axmaqcasına sevgim məni hara gətirib çıxardı... Hazırda Qətibə kimdir? Mən, ərini öldürən bir qadını nə üçün sevəydim? Mən Atabəy Məhəmməd kimi bir hökmdara sədaqət göstərməyən bir qadından nə gözləyirəm?! Gözləyəcəyim bir şey varsa, o da təzə cinayətlər, başqaları əleyhinə düzələn sui-qəsdlər, yenə də məmləkətə qarşı xəyanətlər yaratmaq... Mükafatım nədir? Xalqın lənəti, vicdanımın əziyyəti! Mən bunun üçün Toğrulu, Qızıl Arslanı da məhv etməliyəm... nə üçün? Adi bir qadın, sədaqətsiz bir qadın üçün. O dodaqlar, məndən başqasının dodaqlarına icazə verən dodaqlar üçün... “Dalısı sonra”... bu nə deməkdir? Aldatmaq, cinayətləri dərinləşdirmək, daha ağır alçaqlığa yol vermək! Hüsaməddin bunları düşünərək titrədi və qəlbində dedi: “Yox. Mən daha bundan artıq alçalmayacağam, mən çox da bacarıqsız adam deyiləm, onun mənim əlimin altında sirləri vardır, mən istədiyim zaman onu məhv etdirə bilərəm”. Hüsaməddin bunları düşündüyü zaman yenə də Qətibəyə tamaşa edirdi. Gənclik onun nəzərində cilvələnir, onu yenə də Qətibənin ayaqlarına tərəf sürükləyir və həqarətin çuxurlarına doğru cəzb edirdi. Buna görə də Hüsaməddin bütün qüsurları sevgidə görür və ona lənət edərək deyirdi: “Sənə lənət olsun. Sən qəhrəmanları zəncirləyib bir vicdansızın, bir aldadıcının dizi altına verirsən. Cinayətləri doğan, insanları haqsızlığın dar ağaclarında boğan da sənsən. Dinə, peyğəmbərə, Allaha baş əyməyənlər belə ancaq sənin önündə diz çökürlər. İnsanların rahat həyatına zəhərlər aşılayan, intiqamlar, intiharlar yaradan sənsən. İnsanların ürəyinin qanından doğulursan, buna görə də qan tökdürməyi, insan öldürməyi, birini o birisinin üzərinə güldürməyi sevirsən. Dünyada sənin sevdiyin bir şey varsa, o da insanların şərəfsizliyi, alçalması, yalvarması və şüurlarının korluğudur. Sən ən böyük alimlərin başını ən adi bir qadının ayağı altında tapdayırsan. Sənə şeytan ruhu adı verənlər yalan demirlər ki... Sən böyük bir məmləkəti idarə edən hökmdarların idarəsini adi bir qadının iradəsinə bağlayır və sən bir xalqın müqəddəratını bir qadının saxta gülüşlərinə satırsan. Sən quru və murdar şəhvətdən başqa heç bir şey deyilsən. Bir-birinə zidd olan insanları barışdıran da sənsən, döyüşdürüb ayıran da sənsən. Sənsən beş dəqiqəlik nəşələrin nəticəsində insanları əbədi fələkətə düşürən, həyatın sonuna qədər inlədən. Sənə qılınc, yalvarmaq, din və vicdan qalib gələ bilmir. Sən ancaq ölümlə, özü də şərəfsiz ölümlə insanın yaxasını buraxırsan..." Qətibə birdən-birə dönüb Hüsaməddinə baxdı və onda bir dönüş yaradıldığını dərhal hiss etdi. Ona yaxınlaşaraq: – Mənim ruhum! – dedi. – Yorulduğunu hiss edirəm, məncə uzunuzadı yolları piyada getmək, yeməmək, içməmək, yumşaq yorğan-döşəkdə deyil, tikanlar və daşlar üstündə yatmaq insanı yora bilməz. Lakin ruhun yorğunluğu düşüncə və ümidsizliyin yorğunluğu olduqca ağır və əziyyətlidir. Mən səndən ayrılıb Rey şəhərinə gəldiyim gündən bəri saydığım ağırlıqların yorğunluğu qarşısında əzilməkdəyəm. Mənim üçün ancaq bir ümid qalmışdı. Sən bilirsən ki intiharla ümidin arasındakı məsafə iki dodaq arasındakı məsafədən daha qısadır. Lakin mən ümidsizliyə imkan verməməyə çalışırdım. Ümidsizlik qalib gəlmək istərkən, ancaq səni düşünür, bununla da ümidlərimi möhkəm edirdim. Ancaq o düşüncələr nəticəsindədir ki, bu gün sən məni öz qarşında və öz sərəncamında görürsən. Qətibə bunları deyərək qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarından öpdüyü zaman: – Ancaq bu dodaqlar vasitəsilə sənin məhəbbətin mənim qanıma daxil ola bilir. Yalnız bu dolaqların vasitəsilə iki sevgi birbirinə aşılanır. Nəhayət, bununla da qaynayıb bir-birinə qarışır, bununla da nəbzlərin vuruşu və ürəklərin çırpıntısı birləşir və bir can iki bədəndə yer tutduğu zaman, sevgilər gözlənilən nəticələri verməyə başlayır. Mənim ruhum! Get-gedə sənə öyrənir və sevgilərini qanıma buraxıram. Mən elə zənn edirəm ki, nəbzlərimizin vurğuları da bərabərləşir. – Qətibə bunu deyərək birinci dəfə öz ağ biləklərini Hüsaməddinin əlinə verdi. – Bax, nəbzin vuruşuna, əlini ver mənə, qəlbin çırpıntısını da nəbzlərin vurğusu ilə ölçə bilərsən. Hüsaməddin Qətibənin ağ və inci biləyindən tutduğu zaman hər bir şeyi unutmuşdu. On dəqiqə əvvəl baş verən dönüşdən bir əsər belə qalmamışdı, indi isə o öz qəlbində düşünür və deyirdi: “Dünyada məndən xoşbəxt bir insan harada tapılar?.. Böyük bir məmləkətin məlykəsi əlini, dodaqlarını mənim sərəncamıma vermişdir. Sevgi belə şeydir. Doğrudur, sevgi yalnız sevgini axtarır. Sevginin önündə mərtəbənin, dərəcənin, mənsəb və rütbənin, tac-taxtın əhəmiyyəti ola bilməz. Əcəba, Qətibə qızlığında yoxsul bir şairi sevmədimi? Şairdən ötrü bütün varlığını fəda etməyə hazır deyildimi? Heç vaxt, mənim əvvəlki fikirlərim doğru deyildir. Onun məni sevməsində heç də təəccüb etməli bir şey yoxdur. Sevginin xasiyyəti belədir. Padşah bir naxırçı qızını da sevər, yainki padşahın qızı keçəl bir gədəyə aşiq ola bilər. Sevginin bu xüsusiyyəti də alçalmaq deyildirmi? Halbuki mən nə keçəl bir gədəyəm, nə də ki, naxırçıyam. Mənim qılınclarımın şəfəqi hələ də aranlıların gözlərini qamaşdırmaqdadır. Əcəba, Qətibə mənim qəhrəmanlıqlarımı bilmirmi?! Qətibə əlini Hüsaməddinin əlindən çəkib dedi: – Get, rahat ol. Mən də bir az rahat olum, əsas söhbətlər axşam yeməyində! * * * “Mələkə” Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu: “Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”. Şəhər çıraqban idi. Toğrul tərəfindən düzəldilmiş İraq qoşun dəstələri mələkənin taxt-rəvanı keçən yolların ətrafında düzülmüşdü. Zəhir Bəlxi və Kəmaləddinin oturduğu taxt-rəvan mələkənin taxt-rəvanının dalınca gəlirdi. Hüsaməddin isə bir dəstə Rey atlıları ilə mələkənin taxt-rəvanını Reydən Həmədana qədər müşayiət edirdi. Atabəy qəsrinin ətrafına yığılan minlərcə Toğrul tərəfdarları bir ağızdan “Yaşasın mələkə!” deyə qışqırırdılar. Mələkə paytaxta daxil olandan bir həftə sonra Sultan Toğrul mələkəni ziyarət etmək üçün Atabəy sarayına gəldi. Toğrul mələkənin sözü haradan başlayacağını bildiyi üçün, eyni mövzudan söhbətə başladı və dedi: – Mələkənin paytaxtdan uzaqlaşdırılması hamıdan artıq mənə təsir edirdi. Ayrılıqların təsirində yazdığım rübailərdən birisini mələkə üçün oxuyacağam. Diruz çinan visali canəfruzi İmruz çinin fəraqü aləm suzi. Əfsus ki bər dəftəri ömrəm əyyam, An ruzi çinin nuvisəd inra ruzi. Qətibə bu rübaini eşidəndən sonra Toğrula çox diqqətlə baxaraq, başına hərəkət verməklə dedi: – Bir məqsədi ifadə etməyən şeir, şeir deyildir. Sevgi hisslərini bədii şəkildə vermək istəyən şairlər də yanılırlar. Çünki sevginin özündə şeirdən daha yüksək bir bədiilik vardır. Buna görə də şairlər “sevgiyə bədiilik verirəm” – deyərək, onu təhrif edirlər. Əlahəzrət məni bağışlasın, onun rübaisinə diqqətlə qulaq asdım. Bəzən həqiqi bir mövzu əsasında olmayan şeirlər və onda bədiilik kimi ifadə edilən ünsür yalanlardan, toxumalardan, qeyri-təbiilikdən, başqa təbirlə desək, riyadan və saxtakarlıqdan ibarət qalır; çünki şair mövzu yoxsulluğunu obrazlar və qafiyələr altında gizləməyə çalışır. Əlahəzrətə ərz etmək istəyirəm ki, bu yol, sənətkarlıq yolu deyildir. Əlahəzrət elə bilməsin ki, onun mənə bəslədiyi sevgiləri mən inkar etmək istədim. Mənim əsas məqsədim, onun rübaisindəki məqsədsizliyi göstərməkdir. Bizim hazırkı zamanımızda məqsədi şerə, yaxud şeri məqsədə tətbiq etməyi bacarmağın özü də məsələni həll etmir. Çünki bizim məqsəd və vəzifələrimiz o qədər böyükdür ki, onu əlahəzrətin bir rübaisində ifadə etmək heç bir kəsə qənaət verməz. Madam ki, əlahəzrətlə olan sevgimiz bir məmləkətin müqəddəratı ilə əlaqədardır, o zaman qafiyə və nöqtə lazım deyil, əlahəzrət sevgisini sözdə yox, söz və kəlmə yığıntılarından ibarət şeirdə yox, işdə və həqiqətdə göstərməlidir. Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı bükübb cibinə qoydu və gülümsəyərək dedi: – Zənnimcə, əzəmətli mələkə öz fikrində qismən yanılır, çünki qısa bir şeir uzun bir məqsədin xülasəsidir. Mən dörd misralıq şerimdə, uzun zamanlar mələkəni düşünərək, keçirdiyim acı iztirabların ifadəsini verə bilmişəm. Əcəba, mən bu misralarımda hicran günlərinin dəhşətli şəklini çəkə bilməmişəmmi? Əcəba, mələkə bu şeirdə sevgi və iztirabla dolu olan bir qəlbin həyəcanlarını oxuya bilmirmi? Qətibə bu sözlərə yenə də etiraz edərək dedi: – Bizim məsələmizi və hicran kəlmələrinin cürbəcür boyalarda verilməsi, nə də iztirabın dəhşətli bir qiyafədə təsəvvür edilməsi həll etmir. Məmləkət və sevgi məsələləri düşüncə, sakitlik, soyuqqanlılıq və hissiyyatdan uzaqlaşmağı tələb edir. Şeir isə xörəkdən sonra yeyiləcək bir meyvədən ibarətdir. Məqsəddə saziş və razılaşma olduğu zaman sevgini şeir olmadan da həyata keçirmək mümkündür. Madam ki, neçə ildən bəri aralıqda sürüklənən ixtilafları həll etmək mümkün olmamışdır, o zaman demək olar ki, əlahəzrətin öz şerində ifadə etdiyi sevgi sözlərində də səmimilik yoxdur. Çünki sevgi bütün məqsədləri həyata keçirə biləcək yeganə bir vasitədir. Şeir isə saxtalığı örtmək, müvəqqəti bir qənaət yaratmaq, vaxtı uzandırmaq və başı gicəlləndirmək üçün daha əlverişlidir. Mən əlahəzrətdən rica edərdim ki, o, şeri ancaq təbiətin təsvirində, həyatı bədii şəkildə vermək işlərində və təbiətin yaratdığı cansız şeylərə məna və təşbih taxmaq sahələrində işlətsin. Sevgi məsələlərini şeirə tapşırmaq olmaz. Çünki sevginin tələbatı o qədər böyükdür ki, onu şeir deyil, yalnız işlə və fədakırlıqla ödəmək olar. Toğrul yenə də mələkəyə verdiyi cavabında: – Mühüm məsələlər həllindən gözləniləcək müvəffəqiyyət tədricilikdən asılıdır, – dedikdə Qətibə də: – Lakin, yalnız sevgidə deyil, sürüdürücülük bütün məsələlərdə müvəffəqiyyəti və həqiqiliyi uduza bilər, – dedi. Toğrul cavab vermədi, düşünməyə başladı. Qətibə isə sükutu pozaraq dedi: – Sevgi gəncliyin məhsuludur. Tədricilik və sürüdürücülük isə qocalığa yaxınlaşmaq deməkdir. Lakin sevgi bunun əleyhinədir, çünki o, qocalığa təsən bir qəlbdə yaşamaq istəməz. O, istiqamətini dəyişir, şəklini başqa bir güzgüdə görmək istər, başqasının iqbalına bağlanmaq istər. Buna görə də əlahəzrət şeri və tədriciliyi bir tərəfə qoymalı və sürüdürücülük oyunlarından əl çəkməlidir. Mən açığını deyirəm. Mən hadisələrin dəyirmanında dartılmış bir qadınam, mənim üçün həyatın anlaşıla bilməyəcək heç bir cəhəti yoxdur. Buna görə də mən əlahəzrətə qazandırmaq istədiyim bu şərəfi bir başqasına qazandırmaq məcburiyyətində də qala bilərəm. Əlahəzrət öz taxt-tacının bu şərəfinə minnətdar olduğunu bir dəfə unutmamalıdır. Mən heç bir zaman öz məqsədimə nail olmadan əlahəzrətin Əlaəddin Təkişlə olan sazişini təsdiq etməyəcək və onun həyata keçməsinə imkan verməyəcəyəm. Mənim oğlumun iqbalı Əlaəddin Təkişlə düzəlmiş sazişdən yox, əlahəzrətlə düzəltmək istədiyimiz əlaqədən asılıdır. Mən oğlumun gələcəyini təmin etmək üçün sizinlə düzəltmək istədiyim əlaqəni Qızıl Arslanla düzəldə bilərəm. Əlahəzrət mənim özünə nisbət sevgi hisslərimə çox da arxalanmamalıdır, çünki sevginin özü müstəqil bir məqsəd deyil, ona istiqamət və möhkəmlik verə biləcək başqa-başqa səbəblər də vardır. Bu səbəblərin içərisində həyat şəraiti, istiqbalın təmini məsələləri, mərtəbə və inanmaq kimi əsas işlər də vardır. Əlahəzrət hazırda sevginin əsas və həqiqi bir mücəssəməsi olduğunu mənə inandıra bilsə, o yenə də tam deyildir. Çünki bizim söhbətimizin əsasını bir qadınla bir kişinin sevgisi deyil, bir məmləkətin və bir taxt-tacın məsələsi təşkil edir. Sultan Toğrul Qətibəyə qanaətverici bir cavab tapmaq uğrunda düşünür və çırpınırdı. Çünki Sultan Toğrul Qətibənin təkliflərinin heç birisini qəbul edə bilməyəcəkdi. O, öz oğlu Məlikşahı tac-taxtdan məhrum etməklə vəliəhdliyi Qətibənin oğlu Qütlüğə vermək istəmirdi. O, öz qadınını mələkəlikdən xaric edib Qətibəni mələkə elan etməyi də bacarmırdı. Qətibə isə ancaq bunların üzərində mübarizə aparırdı. Buna görə də Toğrul Qətibəni ələ almaq üçün başqa vasitələr axtarırdı, rübailər oxuyur və sevgi hisslərini elan edirdi. O yalvarır və deyirdi: – Gözəl, vəfalı mələkə! Mən sənin oğlunu vəliəhd elan edə bilərəm, buras xalqın arasında heç bir şübhəyə səbəb ola bilməz. Çünki sənin oğlun Qütlüğ, rəhmətlik qardaşımın vəliəhdi idi. Qətibə Toğrulun “rəhmətlik qardaşımın” sözünə güldü və: – Qardaşını Allahın rəhmətinə göndərdiyin üçün də onun oğlunu vəliəhd, qadınını isə mələkə elan etməlisən, – dedikdə Toğrul da cavabında: – Bütün çətinliklər də həmin mələkəliyin üzərindədir, – dedi. Qətibə buna acıqlı bir sual verdi: – Burada nə kimi bir çətinlik vardır? – Mən bu gün mələkəyə evlənərsəm, sabah düşmənlərim hər yerdə: “Qadınını almaq üçün qardaşını öldürdü” – deyə düşünəcəklər, məni bütün Şərq ölkələrində abırdan salacaqlar. O zaman Qızıl Arslan bizə nə deyər? Bizim evlənməyimizlə onun əlinə bəhanə düşməzmi? Qətibə kinayə ilə dedi: – Oğul öldürmək, qardaşın və atanın gözlərinə mil çəkdirmək, guya ki, hökmdarların arasında çox nadir baş verən işlərdən imiş! Sən mənə yaxşı bax, özün də yaxşı düşün, hazırda mənə baxmaqda olan şübhəli gözlərin mənə minnətdar deyildirmi? Mən olmasaydım, o gözlərə mil çəkilməyəcəkdimi? Sizin hökmdarlıq tarixiniz qanlı ləkələrdən ibarət deyilmi? Xalq çox söz deyə bilər, lakin əlahəzrət də öz mələkəsinin məsləhətini nəzərə almalıdır. Bu hökuməti əlahəzrətə mən vermişəm. Buna görə də mən deyən olmalıdır, mən taxta qoyduğum zatı taxtından düşürə də bilərəm. Əlahəzrət sabahdan etibarən öz ailəsini “Savə” şəhərindəki malikanəsinə köçürməlidir. Ailə köçəndən sonra, təzə ailə və təzə xanədan varisliyi məsələsini rəsmiyyətə salmalıdır. Toğrul Qətibənin sözünü yarıda kəsib dedi: – Mələkənin hazırkı taxt-tacda mühüm rol oynadığını inkar etmirəm. Lakin mələkə mənim müstəqil iş aparmağım üçün də imkan yaratmalıdır. Əcəba, mən öz vəzifəmi anlamıramnı? Mələkənin özü, Qızıl Arslanın və Azərbaycan xalqının mənə qarşı aldıqları düşmən vəziyyətdən xəbərdar deyildirmi? Mələkənin özü görür ki, bugünkü vəziyyətlə bəzi arzuları həyata keçirmək düşüncəsizlikdir. Bu təşəbbüsü həyata keçirmək düşmənin müdaxiləsini bir daha gücləndirə bilər. Hərgah azərbaycanlıların və Qızıl Arslanın təzyiqindən qurtarmaq üçün bu gün çarə tapa bilərsəm, biz sabah bu məsələni həyata keçirə bilərik. Məncə ailəni də buradan Savə şəhərinə köçürmək lazım deyil, bədbəxt ailəmin bu məsələyə mane ola biləcək qədər qüdrəti yoxdur. Bu məsələnin mühakiməsini mələkənin öz vicdanına tapşırıram. Qızıl Arslan bizim bu izdivacımıza soyuqqanlılıqla baxa bilərmi? Qətibə yenə də Toğrulun dediklərinə etiraz etdi: – Biz Qızıl Arslanı əmri-vaqe qarşısında qoyarıq. – İnana bilmirəm, – deyə Toğrul fikirli bir halda cavab verdi. – Onsuz da mənim mövqeyim möhkəm deyildir. – Qüvvətli bir ordu idarə edə bilməyən bir məmləkəti, düşüncəli və şüurlu bir baş daha yaxşı idarə edə bilər. Hazırda Qızıl Arslanı və Azərbaycan məmləkətini sıxışdırmaq üçün ən əlverişli bir zamandır. – Mələkənin dediyinə şərik deyiləm. Atabəy məmləkətləri bu gün olduğu kimi, heç bir zaman əmniyyət və asayiş içərisində olmamış. Nə daxildə üsyan var, nə də xaricdən hücum. Çünki qonşu hökumətlərin hamısı ilə dostluq müqavilosi bağlanıbdır. Vəziyyət hər tərəfdə Qızıl Arslanın lehinədir. Qətibə güldü: – Sülh və dostluq müqavilələri qəti müharibələr üçün vaxt qazanmaq məqsədini daşıyır. Sülh müqaviləsinə qol çəkən dövlət mənim birinci işarəmdə Qızıl Arslanın sərhədini keçəcəkdir. Mən bu günün özündə sərhədi açıb Xarəzm ordusunu məmləkətin daxilinə gətirə bilərəm. Mən istəsəm, iki həftədən sonra Bağdad ordusu yenə də Həmədan qapılarını döyə bilər. Mən istəsəm, şirvanlıları və Gürcüstanı Aran üstünə qaldıra bilərəm. Mən istədiyim zaman, Qızıl Arslan bütün Şimali Azərbaycanı, Rey, İraq və İranı itirə bilər. Bəhram şah Fars hüdudunu keçmək üçün əlverişli bir zaman axtarır. Əlahəzrət heç də düşünməsin. Mənim oğlumun başında olan ordu beş günün içərisində də Reydən hücum edib Qəzvin şəhərini işğal edər və Təbrizlə Həmədanın əlaqəsini kəsər. Bundan da əlverişli bir zaman ola bilərmi? – Şübhəsiz, lakin mələkənin bu dediklərini həyata keçirmək lazımdır. – Onların hamısı mənim öhdəmə. Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam. O, buradan qayıdan kimi işə başlayacaqdır. Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. İndi qəlbiniz sakit oldumu? Toğrul uzun-uzadı söhbətlərdən sonra yenə də qəti bir söz deyə bilmədi. Lakin mələkəni acıqlandırmamaq üçün: – Mən bunların hamısından qəlbən razı qalıram – deyə saxta bir qətilik göstərdi. – Bu fikirlərin hamısı həyata keçəndən sonra, möhtərəm mələkə izdivaca riza verərsə, mənim heç də etirazım yoxdur. Mən mələkəyə qəti söz verirəm. – Bizim izdivacımızın şadlıq bayramı Qızıl Arslanın təziyəsi ilə bir gündə başlanmalıdır. * * * Nəsihət Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı. Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi. Azərbaycanlılar Toğrulun Qətibə ilə olan əlaqəsini və onların əcnəbi nümayəndələri kimi hökumət sürmələrini bildikləri üçün Qızıl Arslanın ətrafında sıx bir suratdə toplanmışdılar. Xüsusən Fəxrəddinin və Seyid Əlaəddinin Qızıl Arslanla sıx əlaqədar olmaları da azərbaycanlıları Toğrul əleyhinə qaldırmışdı. Bu səbəblərə görədir ki, Qətibənin oğlu Qütlüğün vəliəhd təyin edilmək arzuları ümidsizliyə düşür və onların əcnəbi hökumətlərin təsiri altına girməsinə səbəb olurdu. Hökumətin idarə işlərində böyük rol oynayan Şimali Azərbaycan ziyalıları Toğrulun dostluq məktublarına baxmayaraq yenə də məmləkətin nicatını Toğrulda deyil, Qızıl Arslanda aramağa başlamışdı. Buna görə gənc vəliəhdin Şimali Azərbaycan səyahətinə getmək xəbəri Şimali Azərbaycan şəhərlərində böyük bir şadlıqla qarşılandı. Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. Qətibə azərbaycanlıların qəti səsə malik olduğunu bilirdi, onların təzə vəliəhdi qüvvət və qılıncla müdafiə edə biləcəklərinə əmin idi. O, oğlunun vəliəhd olmaq arzularına ancaq satılmaq və məmləkətin bir parçasını satmaqla nail olmağı düşünürdü. Eyni bir parçasını satmaqla nail olmağı düşünürdü. Eyni zamanda Toğrul da Əbubəkrin vəliəhd təyin olunduğunu eşidərkən öz vəliəhdi Məlikşahın gələcəyi haqqında qorxuya düşmüşdü. Həmədan ilə Bağdad, Həmədan ilə İran, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. Toğrul oğlunun vəliəhd təyin olunması üçün güzəştə getdiyi kimi, eyni zamanda Qətibə də özünün mələkə və oğlunun vəliəhd təyin olunmasına müqabil məmləkətin qoşunlarına vədələr verir və sazişlər düzəldirdi. Qətibənin bir ayağı Bağdadda, o biri ayağı Həmədanda idi. Bağdad xəlifəsi Qızıl Arslanın təyin etdiyi vəliəhdi tanımayacağı barəsində Qətibəyə ciddi söz vermişdi. Qızıl Arslanın bağladığı müqavilələri pozmaq və məmləkətlərdən silinmiş xəlifə nüfuzunu yenidən bərpa etmək üçün Toğrul ilə Qətibənin yaratdığı macəralar olduqca mənfəətli və əlverişli idi. Xəlifə yenə də Atabəylər məmləkətində vətəndaş hərbi yaratmaq fikrini daşıyırdı. Belə bir qarışıq zamanda Qızıl Arslan özünü itirməyərək birinci növbədə Azərbaycanı bu hadisə ətrafında səfərbər etməyi düşünürdü. Çünki vəziyyətin altından çıxmaq üçün silahlı qüvvə iş görəcəkdi. Bu qüvvə isə, yalnız Azərbaycanda mövcud idi. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. Gənc vəliəhd Araz çayı kənarından Gəncəyə qədər yazdığı xatiratında qeyd edirdi: “İnsan, ancaq burada, öz doğma vətənində yaşadığını hiss edir. Xalq bir dil, bir arzu daşıyan xalqdır. Kəndlilərindən başlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanın istiqlaliyyət məsələsi həyat məsələmizdir”. Xalq düşüncəli və şüurludur. Düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı olduqca mehriban və səmimidirlər. Xalqın əksəriyyəti əkinçidir, zəhmət sevən xalqdır. Şimali Azərbaycanda təsirləndiyim əsas cəhətlərdən birisi də xalqın daima hər ehtimala qarşı hazır olmasından ibarətdir. Düzlərdə, tarlalarda əkinçilik işi ilə məşğul olan hər bir kəndlinin atı yəhərli bir halda tarlanın kənarındakı ağaca bağlanıb durmuşdur. Axşamları əkinçilərin tarladan qayıtdığını gördüyüm zaman atlı qoşun dəstələrinin müharibədən qayıtdığını hiss edirdim. Ox, kaman, qılınc və nizələr işlətməkdə sənətkar olan bu xalq, əkin və torpaq işlərində də sənətkardır. Tarlaları, bağ-bağçaları məmləkətin başqa tərəflərinə nisbət olduqca müntəzəm və səfalıdır. Diqqət-nəzərimi cəlb edən cəhətlərdən birisi də məmləkətdə mövcud olan ziyalı adamlardır. Bunların nə kimi bir şəraitdə yaradıldığını təyin etmək üzərində dərindən düşünmək lazımdır. Mən, Araz çayından Gəncə şəhərinə girincəyə qədər ehsanımı vermək üçün bir nəfər də olsa dilənçi görmədim. Xalq acgöz xalq deyil, hamısından bir qürur və bir əzəmət gördüm. Bu xalqın məhəbbətini qazandığımız bizim üçün böyük bir qələbədir”. Vəliəhd Gəncəyə gəldiyinin ikinci günü Qızıl Arslanın verdiyi məktubu da götürüb böyük şair Nizaminin ziyarətinə getdi. Gənc vəliəhd şairin şeirlər və elmlər xəzinəsindən ibarət palçıqla suvanmış otağına girdiyi zaman bir an fikrə getdi və dərhal şairin: “Dəfinələr, xərabələrdə yaşamalıdır!” – dediyini xatırladı və başını əyib böyük şairin əlindən öpərkən, şair də onun alnından öpərək öz yanında əyləşdirdi. Vəliəhdi qonaqlamaq üçün evdə olan yeməklər aralığa gətirildi. Vəliəhd şairlə bir süfrəyə oturub nahar yeməyini yedi. O öz xatiratında bu süfrəni təsvir etdiyi zaman yazırdı: “Bu süfrənin əsas qiyməti orasında idi ki, vəliəhdin qonaq edilməsi üçün fövqəladə heç bir şey yox idi. Mən şairin evinə xəbər vermədən getmişdim, çünki ona izafi xərc vermək istəməmişdim. Əsas fikrim ona izafi xərc vermək istəməmişdim. Əsas fikrim onun həyat və məişətilə tanış olmaq idi. Buna görə də həm qəfildən, həm də nahar vaxtı onun ziyarətinə getdim. Bu süfrədən mənə nəsib olun qismət heç bir məmləkətin vəliəhdinə qismət ola bilməmişdir. Böyük şair iki vəliəhdi yedirdi. O məni oğlu Məhəmmədlə tanış etdiyi zaman dedi: – Dünya belədir, bu səadət ancaq mənə nəsib oldu, böyük bir məmləkətin vəliəhdi, yoxsul bir şairin vəliəhdi ilə bərabər yoxsul və həqir bir süfrənin ətrafında oturub nahar yeməyi yeyir. Çörəyin arpa ilə qarışıq buğda çörəyi olduğunu hiss etdim, lakin olduqca ləzzətli idi. Mən indiyə qədər o ləzzətdə çörək yediyimi xatırlaya bilmirəm. Toyuq bişirilmişdi. Toyuğu özü parçalayıb bir qılçasını mənim yanıma, bir qılçasını oğlu Məhəmmədin yanına qoydu. Hər şeydən artıq reyhan toxumu tökülmüş sərin şərbətini xoşladım”. Nahar yeməyi bitəndən sonra Nizami Qızıl Arslan tərəfindən vəliəhd vasitəsilə göndərilən məktubu açıb oxumağa başladı: “Möhtərəm şair! Məmləkətin hüdudlarından gələn xəbərləri eşitdiyim zaman hər dəfə sizin mənə Təbrizdə dediyiniz sözləri xatırlayıram: sülh müqavilələrinin gücü qılıncların itilənməsi qurtarana qədərdir. Hazırda bizim Bağdad xəlifəsi və Xarəzmşahlarla bağladığımız sülh müqavilələrinin mürəkkəbi qurumayıbdır. Görünür ki, möhtərəm şair qeyd etdiyi kimi, onların hər ikisi qılınclarını itiləyib qurtarıblar. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qınından çıxarmaq istəyirlər. Düşmənin bu cəsarəti məni heç də əsəbiləşdirə bilməz. Çünki onlar bu məmləkətin düşmənidir. Onlar müqavilələrə əməl etməməyə haqlıdırlar. Onlar bu müqavilələri bir məcburiyyət təsirində imza etdikləri üçün, fürsətələ keçdiyi zaman poza da bilərlər. Burası o qədər də təəccüblü deyildir. Mənim əsəbiləşməyimə səbəb olan əsas cəhət Toğrulun hərəkətləridir. Toğrul öz istiqlaliyyətini əcnəbi himayəsinin əsasında qurmaq istəyir. O, heç bir vaxt əcnəbi himayəsində qazanılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır. Onun böyük səhvi burasındadır ki, özünü himayə edən xalqın qüvvəsinə inanmaq istəmir. O, qazanmaq istədiyi istiqlalın əbədi əsirlik olduğunu anlamır. Şairin başına and içirəm, heç vaxt onun çıxardığı ixtilaf məni qorxutmur. Mən qonşularla bağladığım sülh müqavilənamələrini qoynuma qoysam da, qılıncımı qınına qoymamışam. Lakin müharibələr xalqın iqtisadi vəziyyətinə ölüm zərbəsi vura bilər. Məni qorxudan da budur. Şairlə birlikdə keçirdiyimiz günlər Azərbaycanda mövcud olan yüksək mədəniyyəti təhkim üçün tədbirlər düşünürdük. Lakin Toğrulun məmləkətimizə qarşı hazırladığı təzə təhlükə xalqın iqtisadi vəziyyətinə və mədəniyyətin genişlənməsi vasitələrinə fəna təsir edə bilər. Uca mədəniyyət yüksək iqtisaddan asılıdır. Məmləkətin bir neçə yerə bölünmək təhlükəsi vardır. Yenə də xalqı torpağından, tarlasından, kəsbkarından ayırmaq lazım gələcəkdir. Lakin Toğrul, eləcə də onun həmfikri olan Qətibə başladıqları bu qanlı oyunlardan heç bir şey qazana bilməyəcəklər. Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim zaman, Qətibəni də oğlunun yanına, Rey şəhərinə göndərmişdim. Hüsaməddin bir məmləkət xaini kimi qılıncımın altından qaçıb Xarəzmşahlara sığınmışdı. Toğrul onu Həmədana çağırmış və böyük bir vəkalətlə Qətibəni Həmədana gətirmək üçün Rey şəhərinə göndərmişdir. Hazırda Qətibə Həmədandadır. Hüsaməddin Toğrulun tapşırığı ilə Rey tərəflərində Azərbaycana qarşı qüvvətli bir ordu düzəldir. Onların əsas məqsədi, Həmədan ilə Azərbaycan tərəflərini bitişdirən nöqtələri, xüsusi olaraq Qəzvin şəhəri və dairəsini işğal etməkdir. Toğrul, xəlifənin fikrini bilmək məqsədi ilə Qətibəni iki dəfə xəlifənin yanına göndərmiş. Heç şübhə yoxdur ki, xəlifə bu fikirləri təbrik edəcəkdir. Çünki, Qətibə ilə Toğrulun oynadıqları bu oyunlar xəlifə ilə bizim aramızda bağlanmış Bağdad müqaviləsini alt-üst edəcəkdir. Bu hadisələr, qalib gəldiyim zaman bizim tərəfimizdən məğlub edilmiş xəlifə nüfuzunu bərpa edə biləcəkdir. Möhtərəm şair, bizə qarşı düzələn ittifaq olduqca böyükdür. Buna qarşı böyük hazırlıq lazımdır. Vəliəhdi bunun üçün də Azərbaycana göndərdim. Sizinlə görüşmək üçün ona xüsusi tapşırıqlar vermişəm. O gəncdir. Lakin şüurlu və fərasətlidir. Onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Zənn edirəm, o, özünə verilən vəliəhdlik şərafini mənimsəmişdir. O bu mövqeyə olduqca səlahiyyətlidir. Hökumət idarəçiliyi nöqteyi-nəzərindən ağıllı və dəyərli fikirləri vardır. Azərbaycan xalqı arasında bu gəncin nüfuzunu müdafiə etmək lazımdır. Çünki nə Toğrulun oğlu Məlikşah, nə də Qətibənin oğlu Qütlüğ vəliəhdlik məqamına layiq deyillər. Zənn edirəm ki, bu qədər kifayətdir. Bununla mənim məqsədimi təyin edə bilərsiniz. Məmləkəti təhlükədən qurtarmaq lazımdır. Rica edirəm gənc vəliəhddən məhəbbət və məsləhətinizi əsirgəməyin. Xüsusən o, böyük şairin yaradıcılığı ilə həddindən artıq maraqlanır. Son ricam budur ki, Toğrula qarşı başladığım hazırlığın əsas məzmununu Azərbaycan xalqı arasında intişar etdirəsiniz. Qoy Azərbaycan xalqı elə bilməsin ki, Qızıl Arslan bu mübarizədə Toğrulun taxt-tacını əlindən almağa çalışır. Mən məsuliyyəti öz üzərimdən götürmək üçün, Qətibə Reydə olduğu zaman ona bir məktub da göndərib nəsihət etdim. Lakin onlar mənim məktubuma cavab vermədilər, çünki onlar başladıqları mübarizədə qələbəni təmin olunmuş hesab edirdilər. Hazırda Toğrulun özünə də bir xəbərdarlıq məktubu göndərirəm. Lakin fayda verməyəcəyinə əminəm”. Nizami məktubu oxuyub bitirəndən sonra bir az fikrə getdi, vəliəhdin özü də sakit-sakit düşünürdü. O, Nizaminin məktubdan nə kimi bir təsir aldığı və nə cavab verəcəyi ilə maraqlandı. Nəhayət, Nizami başına hərəkət verib: – Eləndir, vəziyyət qorxuludur, – dedi. – Mən hökmdarla Təbrizdə danışdığım zaman bugünkü vəziyyətlər haqqında demişdim. Məmləkət cürbəcür xalqlar və müxtəlif millətlərdən təşkil edilmişdir. Atabəy məmləkətlərində yaşayan türk olmayan bir çox millətlər vardır ki, onlar dünənə qədər bu məmləkətdə hakim sayılırdılar. Hazırda onların özlərini yerli türklərlə bərabər bir hüquqda görə bilmələri olduqca çətindir. Buna görə də Atabəylər dövləti onlarla çox ehtiyatlı bir surətdə yola getməli idi, onların milli adət və milli ənənələri daxilində olmaq şərti ilə azadlıqlarını təmin etməli idi. Çünki məmləkət daxilində yaşayan narazılar, sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir. Lakin, buna baxmayaraq, onların ittifaqını pozmaq lazımdır. Bu da üç yol ilə mümkündür. Birinci, xaricdəkiləri döymək, ikincisi, daxildəkilərə azad yaşayış verməklə barışmaq, üçüncüsü isə, inad göstərənləri cəzalandırmaq və məmləkətdən sürgün etməkdən ibarətdir. Biz azərbaycanlılar birinci məsələdə sizin hökumətinizə kömək verə bilərik. Azərbaycan xalqı heç bir vaxt xaricdən gələn hücumlara arxa çevirməmiş, yenə də çevirməyəcəkdir. Lazım olursa, silahla tanış olmayan adamlarımız da silahla oynaya bilər. Nizami vəliəhdə bu sözləri dedikdən sonra bu şeri oxudu: “Çü başəd növbəti şəmşir bazi Xətibanra dəhəd şəmşir qazi”. – Əlbəttə, yatmaq lazım deyil, madam ki, iş başındasan və öhdənə böyük bir vəzifə götürmüsən, onu yerinə yetirməlisən. Düşmən pusquda durduğu halda, sərxoşlara məxsus yuxunu atmaq lazımdır. Özünə iş tapşırılmış adamların yatması xəyanətdir. Çünki iş tapşıranlar padşahın yatmadığına inanıb yatmışlar. Kədərləri və qəmləri ayağın altına alıb yüksəlməli və oradan gələcəyə baxmalısan. Özünü heç bir zaman qüvvətli hesab etmə, çünki sən hələlik düşmənin qüvvətini bilmirsən. Şərəf və əzəmət sənin mərtəbəndə deyil. Bununla səni heç bir kəs tanımaz. Ağlın olmazsa, kim səni tanıya bilər? Bir çox hökmdarlar vardır ki, onlar məmləkətin düşmənləri ilə mübarizə aparırlar, lakin ağlın düşməni ilə dostluq edirlər. Ağlın düşməni şərabdır. Doğrudur, şərab dünyanın dərdini, qəmini aparır, eyni zamanda dünyanın özünü də insanın əlindən ala bilər. Ağıllı adamlar öz libasını günəşin təştində yaxalamalıdır. Dünyada kişi üçün ən həqiqi libas doğruluqdan ibarətdir. İnsanın, tərəzinin gözləri kimi bərabər və düz olması kifayət deyil, qəlbin doğruluğunu təraziyə qoymaq lazımdır. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. Köhnəlmiş ağacın başını vurmasan, təzə göyərən gənc ağaclara böyümək imkanı verməz. Çeşmələrin keçdiyi yolları təmizlənməzsə, torpağın bəbəyindən sərin sular doğa bilməz. Buna görə də məmləkətin təzəliyinə mane olan köhnə fikirləri silmək lazımdır. Qılıncın iti olmalıdır, lakin ehsan verdiyin dirhəmlərin şəfəqi qılınclarin şəfəqindən də parlaq olmalıdır. Hökmdarın vücudu, təbilin içərisi kimi eyiblərdən boş olmalıdır. Padşah düşməni aciz saymadığı kimi, arslan ürəkli olub mətbəx pişiyindən qorxmamalıdır. Hökmdar təlq daşı kimi cəhənnəm oduna təslim olmamalıdır. Hökmdar tənbəl və zəif olmamalıdır. Hökmdar mərtəbə və üstünlüyü şəxsən özü üçün yox, xalqı üçün qazanmalıdır. Dünyanı məzəmmət etməyə haqqımız yoxdur, onu hər kəs öz şəxsi mənfəəti üçün istifadə etdi. Dünya heç bir kəsə yamanlıq etməz. Lakin bizim özümüz onu əyri yollara tərəf dartıb aparırıq. Firuzə rəngli günbədin altı nə qədər geniş olursa olsun, geniş fikirləri inkişaf etdirmək üçün orası yenə də darısqaldır. Hökmdar o qədər həssas və ayıq olmalıdır ki, insanların vəfalı olub-olmamasını palçığının qoxusundan anlamalıdır. Padşah mərifəti adamlardan, adamları isə dünyadan ayırmağa imkan verməməlidir. Nizami danışdıqca vəliəhdin katibi də yazırdı. Nəsihətlər bitəndən sonra, gənc vəliəhd şairin əlini öpdü və dedi: – Mənim daha böyük bir arzum vardır. Möhtərəm şair məsləhət görürsə, mənim üçün İskəndərnamə dastanını yazsın. Çünki İskəndərin tarixində xalqların qəhrəmanlığını göstərmək üçün daha böyük imkanlar vardır. Orada möhtərəm şair xalqları bir daha ayağa qaldırıb həyat mübarizəsi cəbhəsinə ata bilər. Biz Təbrizdə möhtərəm şairin Xosrov və Şirin dastanını nəzmə çəkdiyini eşitdiyimiz zaman həddindən artıq şadlandıq. Hazırda xalqımızın bu kimi ədəbiyyata olan ehtiyacı çörək və su qədər əhəmiyyətlidir. Xalqımızı məzhəb və təriqət mübahisələrindən ayırmaq üçün bu kimi əsərlərin də böyük təsiri ola bilər. Çünki xalqın arasında məşğuledici ədəbiyyat yoxdur. Çünki xalqın arasında məşğuledici ədəbiyyat yoxdur. Onlar işsiz vaxtlarını məzhəb və təriqət mübahisələrinə və müridbazlığa sərf edirlər. Sizin yazacağınız dastanlardan isə xalqımız həm bədii zövq alar, həm də xalqların qəhrəmanlıq tarixini öyrənər. Böyük şair Nizami vəliəhdin sözlərini eşidəndən sonra onun ağıllı və dərin fikirli bir gənc olduğunu bir daha təsdiq edərək: – Fikrin doğru fikirdir, – vəliəhdin alnından öpərək dedi – xalqımızın şüurunu yalnız məzhəb və təriqət mübahisələri ilə deyil, xalqların həyat və siyasət tarixini təhrif edib əfsanə şəklinə salmaq vasitəsi ilə də korlamışlar. Mən Tusun böyük şairi ustad Əbdülqasıma həddindən artıq hörmət bəsləyirəm, lakin o, özünün böyük əsərində nə qədər dərin bir sənətkarlıq göstərmişsə də, xalqların tarixini gələcək xalqın nəzərinə çatdırmaq işində böyük səhvlər buraxmışdır. O, tarix və tarixçilərin qəbul edə bilməyəcəyi hər nə əfsanə və əsatir varsa, öz əsərində yer vermişdir. Lakin Tus şairi Firdovsidən sonra tarixi dastan yazanlar bu yolu davam etdirməməlidir. Tarix əsəri yazan şair heç bir zaman şüurun qəbul etməyəcəyi məsələlərə imkan verməməlidir. Məsələn, peyğəmbərin merac məsələlərini mənzumə şəklində vermək istəyən bir çox şairlər də bu məsələni bir nəfər din alimi kimi məna etmişdir. Onlar, fikri meracla cismani meracın fərqini qoya bilmədiklərindən şair olduqlarına baxmayıb sadə bir molla qədər də irəliyə gedə bilməmişlər. Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmiş, hər şey şübhələrin paltarına bürünmüşdür. İskəndərin həyat çeşməsi axtarmaq üçün zülmətə getdiyini lazımı qədər məna edə bilməyənlər, əfsanəçiliyin çuxurlarında batıb qalmışlar. İskəndər zülmətin içərisində itib-batmış, həqiqi həyatın yollarını aramış və tarixə əbədi yaşayış imkanı qazandırmaq üçün çalışıb-çapalamış, eyni zamanda buna nail ola bilməmişsə, buna inanmaq o qədər də çətin deyildir. Buna görə də gənc vəliəhd üçün yazacağım dastanda İskəndərə əbədi həyat suyunu içirəcəyəm. Mən İskəndərə əbədi yaşamaq üçün başqa bir yol göstərəcəyəm. Çünki insanları tarix, tarixi isə həyata təslim olmayan sağlam fikirli tarixçilər, yazıçılar və şairlər yaşatmalıdır. Möhtərəm əminizin yazdığı məktubun cavabına gələndə, ona cavab yazacağam. Hələlik bunu deməliyəm ki, Azərbaycan xalqı öz milli hüdudlarının müdafiə olunması üçün hər bir fədakarlığa hazırdır. Qızıl Arslan buna əmin ola bilər. * * * Dörd məktub Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu. Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi. Fəxrəddin cənuba baxan artırmada oturub Əbu-Dəccanə minarəsi başında yanan fənərin sısqa işıqlarına baxıb düşünürdü. Vəziyyət olduqca ağır idi. Bir tərəfdən Qızıl Arslan “Paytaxtı buraxmamalısan, qoşununun məsarifi Toğrul tərəfindən verilməzsə, Təbrizdən göndəriləcəkdir. İşsizliyi təhqir hesab etmə! Bu işsizlik böyük bir işin zəminəsini qoyur”, – deyərək yazdırdı. Lakin Həmədanda oturmaq və Toğrul tərəfindən göstəriləcək etinasızlığa təhəmmül etmək də mümkün deyildi. Hələ Qətibə xatun Həmədana gələndən sonra Toğrulun Fəxrəddinlə olan əlaqəsi tamamilə dəyişmiş və dözülməz bir şəkil almışdı. Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. O, Fəxrəddindən atasının qanını tələb etməyə hazırlaşdırdı. Fəxrəddinin əldə etdiyi gizlin xəbərlərə görə Toğrulun özü də Qətibə xatunun bu fikrinə razılıq vermişdir. Lakin bu xəyanəti həyata keçirmək işini İraq qoşunun paytaxta gəlməsi və Azərbaycan qoşununun tərk-silah edilməsinə qədər təxirə salmışdılar. Fəxrəddin bu təhlükənin yaxınlaşdığını hiss edirdi. Çünki paytaxtın özündə də iraqlı və iranlılardan düzələn ordunun miqdarı, Azərbaycan qoşun dəstələrinin miqdarını keçirdi. Fəxrəddin artırmadakı bağlamaya söykənib vəziyyəti düşündüyü zaman qəlbində deyirdi: “Toğrul və Qətibə məni bir girov kimi burada saxlayırlar, onlar məni müəyyən bir məqsəd üçün saxlanmış qurban kimi bəsləyirlər. Mən bir qəhrəman olduğum halda alçaq bir qadının intiqam duyğuları qarşısında durub, bıçaq intizarında duran qoyun kimi gözlərimi döyürəm. Gözəl bir məqsəd uğrunda ölmək o qədər də qorxulu deyil; lakin bu ölüm şərəfsizlik və acizlikdir. Sabahdan etibarən Qızıl Arslana məktub göndərib vəzifəmdən boyun qaçıracağam. Mən, Toğrul kimi sərxoşların, Qətibə kimi əxlaqsızların əlindən ölmək şərəfsizliyini qəbul etməyəcəyəm”. Xidmətçilər gəlib şam yeməyi süfrəsini döşədilər, amma Fəxrəddinin yeməyə meyli yox idi. Lakin Seyid Əlaəddinin gəlməsi, onun qəlbində olan kədərləri dağıtdı, şam yeməyinə başladılar. Bir o qədər keçməmişdi, xidmətçi gəlib bir dilənçinin qapıda durduğunu xəbər verdi, Fəxrəddin: – Hər nə istəyirsə verib razı salın, – dedikdə xidmətçi: – Hər şeyi verdik, lakin o sizin özünüzü görmək istəyir, – dedi. Fəxrəddin çox təəccüblə: – Qadındırmı? – deyə soruşdu. Əlaəddin isə: – Bu dilənçi haman haramzadə Səba xanım olmasınmı? – deyərək Fəxrəddinə müraciət etdi. – Səba xanım olsaydı, nə dərdim var idi, onu bu saatla məhv edərdim, – deyərək xidmətçiyə əmr verdi: – Buraxın gəlsin! Dilənçi içəri girib baş endirdi və çöhrəsini açıb bir Fəxrəddinə, bir də Əlaəddinə baxmağa başladı. Çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. Fəxrəddin ona bir an dərin nəzərlər atdı, gözəl dilənçinin çöhrəsi tanış çöhrə idi. O, dilənçini tanıyırdı, lakin onu harada gördüyünü təyin edə bilmirdi. Qadının çöhrəsi yorğun olduğu kimi, Fəxrəddin də fikrən və ruhən yorğun idi. Zaman hadisələri və özünün düşdüyü çıxılmaz vəziyyət onu yormuşdu. Dilənçi qəhrəman Fəxrəddinin çətinlik çəkdiyini görünçə çarşabını ataraq danışdı: – Mənim möhtərəm ağam, sənin hüzurunda duran Əfifədir. Məgər öz səmimi cariyəni tanımırsanmı? Fəxrəddin Əfifənin səsini eşidən kimi nəzərində Bağdad bir daha cilvələndi. Dürrətülbağdadın eyvanında verilən nahar ziyafətini xatırladı, sanki yenə də Əfifə ağ ipək dona bürünüb Fəxrəddinin yanında durmuşdu. Əfifə onun tərini silmək üçün yelpik çəkirdi. Fəxrəddin bu fikrin içəisində üzdüyü zaman, sanki yenə də tovuz qanadından toxunmuş yelpiyin sərinliyi onun alnına toxunurdu. Fəxrəddin Əfifəni bu vəziyyətdə görürkən dəli bir hərəkətlə yerindən qalxdı və: – Söylə Əfifə, bu nə qəmgin bir vəziyyətdir? Dürrənin başına bir fələkətmi gəldi? – deyə qışqırmaq istərkən Əfifə əli ilə işarə edib: – Oturun, mənim ağam, – yavaşdan dedi. – Xanımın başına heç bir fələkət gəlməmişdir. Xanım yazdığı mühüm və gizli məktubu sizə yetirmək üçün mənim bu vəziyyətə düşməyim tələb olunurdu. Əfifə bu sözdən sonra məktubu çıxarıb Fəxrəddinə uzatdı. Fəxrəddin isə xidmətçiləri və cariyələri çağırıb əmr verdi: – Təzə qonağı çimdirin və rahətliyini təmin edin, dedi və məktubu açıb oxudu: “Mənim ruhumun yarısı, mənim son ümidim Fəxrəddin! Bu gün xəlifə Müstərşidbillahın qızının vasitəsilə aldığım bir xəbər məni həddindən artıq rahatsız etdi. Bu xəbəri sənə yetirmək üçün Əfifəni göndərməkdən başqa bir çarə tapa bilmədim. Bu sirri başqalarına etibar edə bilməzdim. Qətibə xatun neçə gündən bəri Bağdaddadır. Öz babasının ailəsində mənzil etmişdir. Böyük nənəsinə bərabər iki dəfə xəlifə Nəsirəddinbillahın hüzuruna qəbul edilmişlər. Mən Qətibənin sənə düşmən olduğunu bilirdim. Bundan əlavə, sənin vətənin olan Azərbaycan əleyhinə düzələcək hər bir sui-qəsdi sənin həyatına düzələn bir sui-qəsd kimi hesab edirəm. Mən Qətibənin Bağdada nə üçün gəldiyini öyrənməyə çalışırdım. Bu gəlişin məqsədi olduqca gizlində saxlanırdı. Lakin xəlifənin qızı Alieyi-Ülya Qətibənin Bağdada nə üçün gəldiyini gizlincə xəbər verdi və hər yol ilə olursa olsun, bu xəbərin sənə yetirilməsini tapşırdı. O qız olduqca mehriban və məhəbbətli qızdır, sizin qəhrəmanlığınızın səmimi aşiqlərindəndir. O heç bir vaxt sənin məhv olmağını istəmir. Səni öldürmək üçün burada hazırlıq aparılır. Qətibə yenə də Səba xanımı Bağdada çağırıbdır, cinayət onun vasitəsilə həyata keçiriləcəkdir. Fəxrəddin! Rica edirəm Həmədanda oturma, çıxıb Azərbaycana get. Anan yazıqdır, o hələ indi də Sədrəddin üçün ağlayır. Qoy sənin müsibətin də o müsibətin üstünə əlavə edilməsin. Mənə də rəhmin gəlsin, sizdən başqa ümidim yoxdur. Başına bir fələkət gəlirsə, mənim üçün də, anan üçün də intihardır. Sən bilirsən ki, dünyanı şadlandıran Bağdad məni ağladır. Eyşişrət şəhərində unudulmaz bir matəmin ağırlığını çəkirəm. Sən bilirsən ki, şirinliklərlə dolu olan piyalələrdən zəhərlər içməkdəyəm. Cənnət içərisində cəhənnəm əzabı çəkirəm. İqbal məni cəzalandırdı. Sənin başına gələn fələkət bu cəzanı bir daha artıra bilər. Sənə yalvarıram, Fəxrəddin, məktubu alan kimi çıxıb Azərbaycana get! Bağdad – Dürrə”. Məktub oxunub qurtarandan bir az sonra, Əfifə libaslarını dəyişib artırmaya çıxdı. Fəxrəddin onu şam süfrəsinə əyləşdirdi. Şam yeməyi bitəndən sonra Dürrətülbağdadın yazdığı məktubu təcili qasid vasitəsilə Təbrizə, Qızıl Arslana göndərdilər. * * * Əfifə iki həftədən bəri Həmədanda yaşayırdı. Fəxrəddin Qızıl Arslana göndərdiyi qasidin qayıtması və Qızıl Arslanın nə kimi cavab göndərdiyini gözləyirdi. Qızıl Arslan göndərdiyi cavabında yazırdı: “Toğrul və Qətibənin macəraları davam etdiyi müddətdə, siz də Bağdad ilə Həmədan və Həmədanla Rey və Mərv şəhərləri arasında gizlin bir cəmiyyətin işini təşkil etməlisiniz. Bağdaddan Toğrula, Toğruldan isə Bağdada göndərilən qasidlərin hamısını yollarda tutub apardıqları məktubları almalısınız. Həmədanla Xarəzmşahlar arasında gedən danışıqları öyrənmək üçün qasidləri əldə etmək lazımdır. Hər nə qiymətə olursa olsun, Həmədan şəhərini öz adamlarınızla nəzarət altına alın. Gələcək mübarizələrdəki qələbə düşməni lazımınca öyrənməkdən asılıdır”. Əlaəddinlə bərabər gedən adamlar Bağdada böyük dəstə ilə deyil, iki-iki, üç-üç getməli idi. Fəxrəddin Əlaəddini yolu saldığı zaman: – Mənim Qatibədən heç bir qorxum yoxdur. Lakin sizi Əbül Ülanın sabiq cariyəsi Səba xanım çox asanlıqla ifşa edə bilər. Buna görə də birinci növbədə hər nə yol ilə olursa olsun o haramzadəni məhv etdirməlisən. Onun bizə vurduğu zərbələr hər bir zərbədən ağırdır. O çox alçaqdır, həm də gözəldir və aldadıcı dili vardır. Bu barədə adamlarına ehtiyatlı olmalarını tapşırmalısan, onlar özlərini ifşa edə bilərlər. Mənim xidmətçim Əsədi yanınca götür, o, Səba xanımı çox yaxşı tanıyır. Səbanı aradan qaldırmayınca Bağdadda işə başlamağınız olduqca qorxuludur; o qadın çox şeytandır! * * * ...Bir həftədən bəri Seyid Əlaəddinin adamları xəlifə Müstərşidbillahın sarayı qarşısında gəzib saraya girənləri və saraydan çıxanları öyrənirdilər. Səkkizinci gün saray qapısından başına qara ipək əba salmış bir qadın dişarı çıxdı. Qadın qapıdan çıxdığı və cariyələr ilə vidalaşdığı zaman Fəxrəddinin xidmətçisi Əsəd qadının Səba xanım olduğunu dərhal hiss etdi və kənarda dayanmış Əfifəyə tez işarə verdi: – Özüdür, Səba xanımdır! – dedi. Əfifə, Səba xanımı çox ehtiyatla təqib edirdi. Əfifə Səba xanıma ancaq Dəclə çayının kənarında yetişə bildi. Səba xanım durub yelkən gözləyirdi. Əfifə onun hara getmək istədiyindən xəbərdar deyildi. Nəhayət, yelkənlərdən birisi sahilə yaxınlaşdığı zaman Səba xanım yelkənçiyə yanaşaraq: – Məni əcnəbi məmləkətlərindən gələn tacirlərin alver etdiyi bazar tərəfinə apara bilərsənmi? – deyə sual verdi. Yelkənçi isə bir az düşünərək: – Bazarlar şəhərin qərb tərəfindədir. Onların hamısında da əcnəbi tacirləri alış-veriş edir. Bizim möhtərəm xanım hansı bazara getmək istəyir? Səba xanım yelkənçiyə cavab verə bilməyərək dilini çeynəməyə başlarkən Əfifə dərhal söhbətə müdaxilə edərək soruşdu: – Möhtərəm xanımımız nə almaq istədiyini buyursaydı, o zaman hansı bazara getmək istədiyini təyin etmək mümkün idi. Səba xanım bu sözdən sonra tələsik: – Zinət şeyləri satılan bazara, inci, mərcan gətirən tacirlərin alış-veriş etdiyi bazara getmək istəyirəm, – dedi. – Demək ki, möhtərəm xanımımız Ədən və Nəcd tərəflərindən gələn tacirlərin bazarına getmək istəyir. Elə isə mənim özüm də o tərəflərə gedirəm. Xanım şəhərin qərb tərəfinə doğru Kerx məhəlləsinə getməlidir. Səba xanım Əfifəyə mehribancasına bir razılıq verdi, əlindən tutub yelkənə çıxardı və şəhərin qərb tərəfinə yol başladılar. Səba xanım qadınla olan bu tanışlığından sevinirdi. Çünki Əfifə həm ərəb, həm də fars və türk dillərində danışa bilirdi. Buna görə də Əfifə Səba xanım düşündüyü alverdə ona böyük yardım göstərə bilərdi. Çünki inci və mərcan satan tacirlərlə bazarlıq etmək üçün uzun dəqiqələr çənə vurmaq lazım idi, Səba xanım isə ərəbcə danışa bilmirdi. Yelkəndə getdikləri zaman Səba xanım Əfifəni özünün daşıdığı məqsədlə tanış edib-etməmək üstündə düşünürdü. O, bu söhbət üçün bir giriş axtarırdı. Eyni zamanda düşündüyü məqsədindən əldə edə biləcəyi qazancdan bir pay da Əfifə verməyi qərarlaşdırırdı. Səba xanımın bu səfərdən gözlədiyi qazanc az qazanc deyildi. Qətibə xatun Toğrula ərə getməyə hazırlaşırdı. Onun üçün bir məmləkətin mələkəsinə layiq incilər, mərcanlar və qiymətli daşlar lazım idi. O, Toğrulun yanına birinci dəfə girdiyi zaman şahanə bir təntənə ilə girməyə hazırlanırdı. Buna görə də Bağdada özə ilə bərabər bir çox qızıl və gümüş gətirmişdi. Səba xanım Qətibənin inci, mərcan və daş-qaşla maraqlandığını hiss etdiyindən vaxt ikən tacirlərlə görüşüb razılaşmaq və anlaşmaq istəyirdi. O, bu alış-verişdə həm tacirlərdən, həm də Qatibənin özündən faiz almağı düşünürdü. Bu məqsədləri həyata keçirmək üçün birinci növbədə həm ərəb dilini, həm də tacir dilini bilmək lazım idi. Səba xanım Əfifəyə sual verdi: – Möhtərəm xanım buradan hara getmək istəyir? – Mən Kerx məhəlləsinə gedirəm. – Siz inci və mərcan satılan bazara gedəcəksinizmi? – Siz ora getmək istəyirsinizmi? – Bəli, mən inci və mərcan bazarına gedib qiymətləri öyrənməliyəm. – Nə eybi vardır? Hərgah möhtərəm xanım üçün belə bir xidmət lazımsa, mən haman bazarı və haman tacirləri göstərə bilərəm. – Çox razıyam, zəhmət haqqınız mənim yanımda itməz. – Zəhmət haqqı olmasa da mən bu vəzifəni bitirə bilərəm. Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır. Əfifə bunları deyəndən sonra Səba xanıma sual verdi: – Yəqin ki, yaxınlarda xanımın toyu başlanacaqdır. Belə deyilmi? – Mənim öz toyum yox, möhtərəm xanımım üçün toy başlanacaqdır. Bu hazırlıq ondan ötrüdür. Əlverişli bir sövda düzəldərsək, sizin üçün də, mənim üçün də dəyərli bir pay düşər. Lakin tacirlərə yanaşmağın təhərini bilmək lazımdır. Səba xanımın məqsədi aydınlaşdı, Əfifə onun nə etmək istədiyini müəyyən etdi və Səba xanımı təminedici bir şivə ilə dedi: – Mən xanımı anlayıram. Bunu tacirlərin özü də bilir. Bağdadda belə bir adət vardır: tacirin yanına varlı müştəri aparan hər bir şəxs tacirdən müəyyən faiz almalıdır. Əlbəttə bu məsələni tacirlərlə aydınlaşdırmaq və faizin qiymətini təyin eləmək lazımdır. Mənim möhtərəm xanımım onu da bilməlidir ki, faizin miqdarı da alış-verişin çox və az olmasından asılıdır. Bu barədə mənim təcrübəm vardır. Düşünməyə gəlməz, mən bu barədə xanıma kömək edərəm. Səba xanım Əfifənin söhbətlərindən sevindi, çünki bu söhbətlər tamamilə Səba xanımın məqsədlərinə uyğun idi. O, əlini Əfifənin çiyninə qoyaraq: – Bu təsadüf bir xoşbəxtliyin açarı olacaqdır, çünki mənim tacirin yanına aparacağım müştəri fövqəladə bir müştəridir. Müştəri olduqca zəngindir. Lakin mən ona layiq olan şeyləri tapa bilməyəcəyimdən qorxuram. Çünki, hər adi şeylər onun xoşuna getməz. Nadir şeylər ələ düşərsə, ondan istədiyini ala bilərsən. Əfifə gülərək onun sözlərinə etiraz etdi: – Görünür ki, sən Bağdadı yaxşı tanımırsan, – dedi, – burası xəlifələr Bağdadıdır. Vaxtilə dünyanın ən zəngin və ən də nadir şeyləri axıb bu şəhərə gəlmişdir. Ölən xəlifələrdən övlada miras qalan zənginliklərin həddi-hesabı yoxdur. Burada hər sinfə və hər təbəqəyə layiq şeylər əldə etmək mümkündür. Hazırda biz gedib tacirlərin əllərində olan şeylərə baxarıq, qiymətini və keyfiyyətini yoxlarıq, hərgah şeylər və qiymət məqsədə müvafiq olursa, bazarlıq etmək mənim öhdəmə! Səba xanım sevinirdi, bu dəfə Qətibədən qazanacağı para ilə Qasımabad kəndində tikdirdiyi sarayı bitirə biləcəyinə ümid edir və sevinirdi. Onlar yelkəndən bərabər düşüb bir baş Bəndəfüruş bazarına, oradan da əcnəbi tacirlərinin inci, mərcan və qiymətli şeylər satdıqları bazara çıxdılar. Onlar bütün günü bazarları dolaşdılar, lakin Sultan Toğrula ərə getməyə hazırlanan və ikinci dəfə mələkə olmaq istəyən Qətibəyə layiq heç bir şey tapa bilmədilər. Səba xanım kədərləndi, böyük bir qazancdan məhrum olduğunu görüncə çıldırmaq dərəcəsinə gəldi, çox da yorulmuşdu, ac idi, dəli kimi nə etdiyini və danışdığını bilmirdi. Bazarı axıra çıxaraq dəyərli bir şey tapmayınca: – Məndə o bəxt haradandı ki? – dedi. Əfifə onun həyəcan və ümidsizliyini unutdurmaq üçün nəsihət və təsəlli verib deyirdi: – Xanım heç də ruhdan düşməsin, təzə tacirlər gələn günləri bilmək lazımdır, tacirlər hər gün gəlmir, lakin sizin xanımınıza layiq dəyərli malları ancaq yerli tacirlərdə tapmaq olar. Mən bu axşam yerli tacirlərin evlərinə gedərəm, sabah sizi onların yanına apararam. Bazarın xasiyyəti belədir, tacirlər gələn kimi yerli tacirlər onların mallarını alıb sonra tapılmadığı zaman yuxarı qiymətə satırlar. Bəzən kənardan gələn tacirlərin özü də əvvəlcə malın yaxşısını müştəriyə göstərməzlər. Buna görə də biz istədiyimiz malları evlərdə ələ gətirə bilərsək, faiz daha əlverişli ola bilər. Lakin bilmirəm, bu alış-veriş bitdiyi zaman xanımınız da bunda iştirak edəcəkdirmi? Səba xanım gülərək: – Siz mənim xanımımı nə hesab edirsiniz? O heç bir zaman tacir qapısına gedib özünü alçatmaz. Əcəba, siz kübar xanımların adətini bilmirsinizmi?! Bir də budur ki, onun şəxsən iştirak etdiyi alverdə bizim nə kimi qazancımız ola bilər? Zənnimcə, o mənə etibar edər, böyük mənfəət isə malların əlverişli qiymətlə əldə edilməsindən asılıdır. Bunu da nəzərə almalısınız ki, kübar qadınlar sevdiyi və gözləri tutduğu şeyin qiyməti üzərində bazarlıq etməzlər. Çünki onlar bunu özləri üçün bir həqarət hesab edərlər. Əfifə onu dinlədikdən sonra: – Əmin ola bilərsiniz – dedi. – Bağdadı iflas edən tacirlər, şahzadələr, xəlifə ailələri minlərcədir, qiymətli şeylər də bunların əlindədir. Biz həm yaxşı, həm də qiyməti əlverişli olan nadir şeylər ələ gətirə bilərik. Bizim evlərdən inci, mərcan almağımız bazar tacirindən almaqdan daha məsləhətdir. Mən ümid edirəm, mənim möhtərəm xanımım bu alverdə özü istədiyi qədər qazanc əldə edə biləcəkdir. Bu söhbətlərdən sonra Səba xanım sevindi və Əfifəyə xeyir-dua verdi. Sonra da sabahkı görüş məhəllini təyin edib ayrılmaq istədilər. Lakin Səba xanım Əfifəni buraxmaq istəməyərək dönə-dönə tapşırıb deyirdi: – Rica edirəm bu sirr öz yanımızda qalsın. Üçüncü adam bizim sirrimizdən xəbər tutmamalıdır. * * * Səba xanımın itməsi və neçə gündən bəri saraya qayıtmaması Qətibə xanımın varlığını dəyişdirmişdi. Müstərşidbillahın sarayında onun itdiyini müxtəlif təbirlərlə məna edirdilər. Onun yüz min qızıl dinar götürüb qaçmasını söyləyənlər, oğrular əlinə düşüb soyulduğu, boğulub Dəclə çayına atıldığını deyənlər və sairlər var idi. Lakin Qətibənin özü onun tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı. Səba xanım itəndən bir həftə sonra, Qətibə xatunun Toğrula yazdığı və qasiddən yolda alınmış təəccüblü məktubunda qeyd edilirdi: “Əlahəzrət! Bağdada gəldiyimin ikinci günü xəlifə Nəsirəddinbillah ilə görüşməyə müvəffəq oldum. Xəlifə həzrətləri mənə bir hökmdara layiq hörmət göstərdi. Əmirəlmömin bizim izdivac edəcəyimizdən xəbərdar idi, buna görə də o məni əlahəzrət Toğrulun mələkəsi kimi qəbul etdi. Hər halda göstərilən hörmətin padşahlara göstərilən rəsm-qəbuldan heç də fərqi yox idi. Əlahəzrətin məktubunu xəlifəyə verdim, xəlifə məktubun məzmunundan olduqca razı qaldı və əlahəzrət üçün cənab Allah-taalanın və peyğəmbər-zişənin kömək və himayəsini dilədi. Əmirəlmömin əlahəzrətin təklif etdiyi məsələləri həyata keçirmək üçün heç bir şərait tələb etmədi. Xəlifə həzrətləri Atabəy məmləkətləri üzərindəki köhnə himayə və köhnə nüfuzunun bərpa edilməsini tələb edir. Zənn edirəm ki, əlahəzrət Əmirəlmöminin bu haqlı tələbinə heç bir vəchlə etiraz etməz, çünki xəlifəyə yazdığınız məktubun özündə buna dair işarətlər var idi. Xəlifə, Əlaəddin Təkşin Atabəy məmləkətlərinə qoşun göndərməsinə etiraz etmir. Oğlum Qütlüğ İnanc vəliəhd elan olunandan sonra Rey məmləkətinin Xarəzmşahlar məmləkətinə qoşulmasına da onun etirazı yoxdur. Xəlifə, Qızıl Arslanın məhv edilməsi nəticəsində Aran və Şimali Azərbaycanın Şirvana ilhaq olunması ilə də razılaşır. Cənubi Azərbaycan, Fars və qismən İraq məmləkətlərinin əlahəzrətin əlində qalmasına əmr sadir edəcəyinə söz verir. Xəlifə oğlum Qütlüğün yuxarıda göstərilən məmləkətlərin varisi olduğunu qəlbən təsdiq etdi. Bu barədə əlahəzrətin özü də əmin ola bilər. Xəlifə həzrətləri, Qızıl Arslanın Həmədana hücum etdiyi təqdirdə Bağdad ordusunun köməyə göndəriləcəyini öhdəsinə götürdü. Xəlifə həzrətləri Hüsaməddinin Reydə qoşun hazırlaması və bir hadisə təqdirində Qəzvin şəhərini işğal edib Həmədanla Azərbaycanın əlaqəsini kəsmək təşəbbüsünü bəyəndi və təqdir etdi. Bu güzəştlərin müqabilində Əmirəlmöminin Qızıl Arslanla bağlanmış əhdnamənin geri qaytarılmasını tələb edir. Zənn edirəm ki, əlahəzrət buna etiraz etməz, çünki öurad ümumi mənfəət nəzərə alınmışdır. Xəlifə, əlahəzrətin mələkəsinə qiymətli bir boyunbağı hədiyyə verdi. Bu barədə əlahəzrəti təbrik edirəm. Bunları yazandan sonra əlahəzrətə kədərli bir hadisənin xəbərini verməyə məcburam. Mən Bağdadda olduğum günlərdən istifadə edib əlahəzrətin sarayına layiq bəzi qiymətli şeylər əldə etməyi düşünürdüm. Əlahəzrətə bağışlamaq üçün kənizlər və cariyələr almağı düşünürdüm. Özüm üçün də bir qədər inci, mərcan və qiymətli daşlar almaq istəyirdim. Bütün bu işləri mənim sabiq cariyəm Səba xanıma tapşırmışdım. Çünki onun özü də bu xidmətləri bitirmək üçün həvəslənirdi. Lakin görünür ki, mən illərdən bəri etimad etdiyim bir qadını lazımınca tanımamışdım. Mən ona qızlıq zamanımdan bəri adət etmişdim. Doğrudur, o tamahkardı, lakin oğru deyildi. Nəhayət, o, inci və qiymətli şeylər almaq üçün verdiyim 100 min dinar qızılı da götürüb gizləndi. Rica edirəm onun axtarılması üçün tədbirlər görəsiniz. Rica edirəm təcili surətdə 3 yüz min dinar qızıl göndərəsiniz. Burada pulsuz qalmışam. Pul göndərdiyiniz adamla yuxarıda göstərdiyim müqaviləni də göndərin. Mən xəlifə ilə danışılacaq bütün məsələləri həll etmədən Həmədana qayıda bilməyəcəyəm”. Məktub Fəxrəddinin əlinə düşəndən sonra o öz adamları ilə məsləhətləşdi. Bəziləri məktubun eynilə Qızıl Arslana göndərilməsini məsləhət gördü. Lakin Fəxrəddin buna etiraz etdi: – Məktubun məzmununu Qızıl Arslana göndərmək lazımdır. Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. Məktubu Toğrula göndərsək, o yenə də Qətibəyə cavab verər. Bəlkə müqaviləni də Bağdad xəlifəsinə göndərər. O zaman biz yenə də onun qasidini yolda tutdurub müqaviləni də, məktubu da, hətta göndərdiyi paranı da əldə edə bilərik. Bu fikirlə razılaşdılar. Məsələlər bitincəyə qədər qasidin həbsdə saxlanmasını əlavə etdilər. * * * Toğrul özünü çıxılmaz bir vəziyyətdə hiss edirdi. Bir tərəfdən Səba xanım Qətibənin yüz min dinar qızılını götürüb gizlətmişdi, o biri tərəfdən də Qətibəyə göndərilən üç yüz min dinar qızıl da bir məktub ilə bərabər qasidin əlindən alınmışdı. Bunların hamısından sonra, qasid vasitəsilə göndərilən müqavilənamə də, məktub və pullarla bərabər “oğruların” əlinə düşmüşdü. Əlbəttə, o, pullar haqqında çox az düşünürdü. Lakin müqavilənamə əldə olmadan xəlifə ilə başlamaq istədikləri razılaşma həyata keçə bilməyəcəkdi. Toğrulu qorxudan ən əsas cəhət oğurlanan müqavilənin Qızıl Arslanın əlinə düşməsi qorxusundan ibarət idi. Məktubların və müqavilənamənin oğrular əlinə düşməsi bəlli olan kimi Toğrul təcili qasid göndərib Qətibəni Bağdaddan Həmədana çağırdı. Onlar Zəhir Bəlxi və Kəmaləddinlə geniş müşavirədən sonra Qətibəni ikinci dəfə xəlifənin yanına göndərmək qərarına gəldilər. Zəhir Bəlxinin məsləhətinə görə Toğrul Qızıl Arslanla bağlanmış müqavilənin ləğvini elan edəcək və bu barədə sadir elədiyi fərmanın bir surətini xəlifəyə göndərəcəkdi. Toğrul bu fikri bəyəndi. Katibin çağırılmasına əmr verdi. Lakin katib fərmanı yazıb bitirə bilmədi, çünki Qızıl Arslan tərəfindən göndərilən qasid içəri daxil olub, Qızıl Arslan tərəfindən yazılmış məktubu Toğrula verdi. Toğrul özünü itirdi, çünki Qızıl Arslan məktubun sərlövhəsində “Əlahəzrət” kəlməsini yazmamışdı. Məktubun sərlövhəsi bir parça təhqirdən ibarət idi. “Toğrul! Bu məktuba cavab versən də, verməsən də mənim üçün heç də fərqi yoxdur. Çünki mən səninlə məktublaşmaq fikrində deyiləm. Bu məktubu yazmaqdan məqsəd sənin unutduğun bir çox məsələləri xatırlatmaq üçündür. Sən onu bilməlisən ki, Azərbaycan xalqı sənin hökmdarlığını təsdiq etdiyi zaman məmləkəti istədiyin adamlara satmaq ixtiyarını sənə verməmişdir. Sən məmləkətin hüdudlarını qorumalı və daxildə xalqın rahat və səadətini təmin etməli idin. Lakin sən bu vəzifəyə xəyanət edirsən, öz rəftarınla tapşırıqları pozursan. Azərbaycan xalqının qanları və qurbanları nəticəsində qazanılan qələbələri unudur, onların istiqlalını əcnəbilərin ayaqları altına verir, ərəb nüfuzu altından təzə-təzə qurtarmaq istəyən xalqın boynuna ərəb əsirliyi zəncirini hazırlayırsan. Sən Azərbaycan daxilində müstəqil bir padşah kimi yox, bir əcnəbi nümayəndəsi kimi hökmdarlıq etmək xəyalındasan. Bunu sən sevsən də, Azərbaycan xalqı sevmir. Onlara sənin kimi satqın və həqir padşah lazım deyil. Mən bu gündən etibarən Cənubi və Şimali Azərbaycan xalqı tərəfindən sənə xəbər verirəm: məmləkət səni öz qanuni hökmdarı kimi bilməyəcək və bağladığın müqavilələri Azərbaycan xalqı tapmayacaqdır. Xəzinəni istədiyin adamlara paylama, onların hər bir dinarına cavab verməlisən”. Toğrul bu məktubu oxuyandan sonra huşdan getdi. Dərhal həkimbaşını çağırdılar. Onu ayıltdılar, gözünü açan kimi Zəhir Bəlxiyə müraciət edib acıqlı bir surətdə dedi: – Allah sizi heç bir zaman düz yola dəlalət etməsin, məni yolumdan azdırdınız. Deyin görüm, hazırda mənim çarəm nədir? Zəhir Bəlxi heç də özünü itirmədi: – Burada qorxuya səbəb olacaq bir şey yoxdur. Hadisənin qorxusunu azaltmaq üçün bu saat məktubun surətini çıxarıb xəlifəyə göndərmək lazımdır. Siz hökmdarsınız. Bu qədər böyük həyəcanınıza yer yoxdur. Nə olmuşdur ki?! Qızıl Arslanın sizinlə olan düşmənliyi bu məktub olmadan da aydındır. Mən bu saat məsələni təcili qasidlərin vasitəsilə Sultan Təkişə xəbər verərəm. Rey tərəflərinə də qasid və məktub yola salarıq, onlar Rey qoşunu ilə Qəzvinə hücum edərlər. Biz məsələni çox tez bir zamanda həll edə bilərik. Bununla da biz Qızıl Arslana öz arzularını həyata keçirmək üçün imkan buraxmarıq. Toğrul qismən sakit oldu. Rey və Xarəzmə təcili qasidlər göndərildi və məktubun surətini çıxarıb xəlifəyə göndərmək üçün katibə xüsusi əmrlər verildi. Qətibə vəziyyətin qorxulu olduğunu dərhal hiss etdi və heç bir söz demədən Toğrulun yanından qalxıb Atabəy sarayına getdi. O artıq Toğrul ilə oyun oynamağın faydalı bir nəticə verməyəcəyini anladı, macəranın atını Qızıl Arslana doğru məhmizləməyi qərara aldı. Çünki başqa çarə çox idi. Buna görə də Qızıl Arslanla əlaqəyə girmək və onunla məktublaşmaq istədi. Gecəni səhərə qədər yatmadı, yazacağı məktubun mündəricəsi barəsində uzun-uzadı düşündü. O, məktubunu bu sözlərlə başladı: “Böyük və əzəmətli hökmdar! Eldəniz xanədanını ölüm təhlükəsindən qurtarmaq üçün yeganə ümidimiz sizə qalmışdır. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. Mən onun öz bədbəxtliyi haqqında düşünmürəm, məni rahatsız edən böyük bir xanədan və geniş bir məmləkətin bədbəxtlik qarşısında durmasıdır. Mənim sizdən icazəsiz Reydən Həmədana gəlməyimin iki mühüm səbəbi vardır. Əvvələ, Toğrul mənim Reydən Həmədana gəlməyimi qəti bir surətdə tələb edirdi. Mən heç bir vaxt onun bu qədər dəyərsiz və hökumət işlərinə olan etibarsızlığını bilmirdim. Buna görə də Reydən Həmədana gəlmək tələbindən boyun qaçıra bilmədim. Həmədana qayıtdığımın ikinci səbəbi, oğlumun özbaşına hərəkətləri idi. Mən onun ağılsız hərəkətlərinə soyuqqanlı baxa bilmirdim. Çünki mən qadın olsam da, yenə də məndə bir kişi inadı vardır. Hərgah indiyə qədər bəzi sözləri əlahəzrət hökmdara deyə bilməmişəmsə də, bu gün onları gizlətməyim məmləkətə qarşı böyük bir xəyanət ola bilər. Mən Toğrulu çox yaxşı tanıdım. O, qardaşının qatilidir, eyni zamanda mənə izdivac təklifini də edir. Mən çoxdan bəridir ki, bu məcburi izdivacdan boyun qaçırmaq üçün onunla mübarizə aparıram. Lakin mən onun əsiriyəm, mənə dinclik vermir. Onun bu yersiz təklifindən boyun qaçıra bilməcəyəcəm. Çünki mən onun nüfuzu altındayam, onun əsirliyindəyəm. Buna görə də hökmdar məni bu sıxıcı məngənənin altından qurtarmalıdır. Mənim üçün Azərbaycanın bir kəndində oturmaq üçün imkan yaradılsaydı, Həmədanın Atabəy sarayında yaşamağımdan daha gözəl olardı. Mən ancaq o zaman Toğrulun yersiz təklifini rədd edə bilərdim. Hökmdar! Yaxşı düşünün, mən onu görə bilmirəm, çünki o mənim oğlumun atasının qatilidir. Toğrul məni bu izdivaca məcbur edərsə, qurtarmaq üçün yeganə bir yol vardır ki, o da intihar etməkdən ibarətdir. Ümid edirəm ki, böyük hökmdar Atabəy Məhəmmədin hörmət və şərəfini nəzərə alaraq, onun qadınını bu şərəfsizlikdən qurtaracaq və mənim yığılıb Azərbaycanda yaşamağıma imkan yaradacaqdır. Hazırda mənim Həmədandan bir tərəfə hərəkət etməyim üçün heç bir maddi imkan yoxdur. Səba xanım adlı bir cariyə əlimdə olan bütün pullarımı oğurlayıb gizlənibdir. Paytaxtda vəziyyət get-gedə fənalaşır. Hökmdarın təyin etdiyi saxlov dəstələri bir iş görmür”. * * * Düşüncələr Əbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı. Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi. Sülh və dostluq müqaviləsi bağlanandan bir həftə sonra, Əbubəkr Azərbaycan ordusuna hərəkət əmri verdi və əlli minlik ordu çadırları və başqa hazırlıqları ilə bərabər Gəncədən Araz çayı sahilinə hərəkət etdi. Şimali Azərbaycanın hər tərəfindən Gəncəyə gəlmiş ziyalılar, başqa Nizami olmaq üzrə Azərbaycanın qılınc nişanlı bayrağını Əbubəkrə təslim etdikləri zaman, damlardan və artırmalardan atılan minlərcə gül dəstələri vəliəhdin atının dırnağına səpilirdi. Əbubəkr Şimali Azərbaycanın milli bayrağını əlinə aldığı zaman and içərək dedi: “Bu bayrağın tarixi şərəfini bir daha ucaltmağa və bu bayrağı mənə tapşıran xalqa sadiq qalacağıma, bütün ömrüm boyu həqiqi bir Azərbaycan vətəndaşlığı namusu daşıyacağıma, Azərbaycan xalqının istiqlal və şərəfini müdafiə yolunda düşmənə arxa çevirməyəcəyimə and içirəm”. Vəliəhd bu sözləri deyəndən sonra, bir daha atından endi, ruhanilərin və ziyalıların əllərini öpdü. Sonra da Nizami onun alnından öpərək danışdı: – Gənc vəliəhd bu səfərində qələbəyə əmin ola bilər. Onun dalınca gedən atlıların qılınclar heç bir zaman qələbə əldə etmədən qınına qoyulmamışdır. * * * Ordu çox sürətlə hərəkət edirdi. Ordunun sursat çadırlarını daşıyan minlərcə qatır və dəvə karvanları gecə və gündüz Təbriz şəhərinə doğru yürüyürdü. Ərusək və məncəniq daşıyan arabalar Qaradağın aşılmaz gədiklərindən igidlərin çiynində çıxarılırdı. Şimali Azərbaycan ordusu Araz körpüsündən Qaradağ torpağına ayaq qoyduğu zaman insanın təsəvvürünə gəlməyən bir təntənə ilə qarşılandı. Əlli minlik bir ordunu yedirmək üçün cənubi azərbaycanlılar ordunun düşəcəyi hər bir mənzil başında yemək hazırlığı görmüşdü. Ordu yemək üçün, istirahət üçün mənzil başında düşdüyü zaman, minlərcə Azərbaycan gəncləri və gəlin-qızları qəhrəmanların atlarını tutur, gəzdirir, tərini soyudur, yem tökür və rahat edirdi. Cənublular şimaldan gələnləri musiqi ilə, oxumaq və çalmaq ilə cəbhəyə yola salırdı, qadınlar isə igidlərin atlarının tərkindən asılan xurcunlara yemək qoyduqları zaman: “Qollarına və qəlbinə qüvvət olsun!” deyirdilər. Araz çayı kənarından Təbrizin Acıçayın kənarına qədər olan üç günlük yolun ətrafındakı kəndlərdə gecələri at kişnəmələri və zəng səslərindən qulaq tutulurdu. Təbriz altında qurulan ordu qərargahının böyüklüyü Təbriz şəhərindən bir neçə qat böyük idi, çünki Cənubi Azərbaycan ordusu da öz çadırlarını Acıçay kənarında qurmuşdu. Lakin düşmənin qüvvəsi də böyük bir qüvvə idi. Sultan Təkişin əlli minlik ordusu Xarəzm sərhədini keçmişdi. Xəlifə özü də Bağdad sərhədini keçib Həmədan üzərinə yürüməkdə idi. Qətibənin oğlu Qütlüğ İnanc iyirmi mindən ibarət Rey ordusu ilə bərabər Reydən Qəzvinə hücum edir və Təbrizlə Həmədanın əlaqəsini kəsməyə çalışırdı. Atabəy məmləkətləri qorxu altında idi. Lakin Qızıl Arslan özünü şaşırmamışdı. O, Həmədanda olan Azərbaycan ordusunun sərkərdəsi Fəxrəddin və Seyid Əlaəddinə təcili və gizli bir əmrnamə göndərmişdi: “Bu məktubu alan kimi, qəfildən İraq və İran qoşun dəstələri yerləşən binaları mühasirəyə alıb tərk-silah etdirərsiniz. Toğrulun bütün tərəfdarlarını əvvəldə tutduğumuz siyahı üzrə həbs etdirərsiniz. Bu əmrləri bir gecənin içərisində həyata keçirməlisiniz. Paytaxtı təmizlədikdən sonra əlinizdə olan silahlı qüvvələri üç hissəyə ayırarsınız, onlardan bir hissəsini Əsədabad və Əlvənd dağı keçidlərində, Gürcüstan sərhədi olan Səhnə və Şəbdiz tərəflərində yerləşdirib Bağdad ordusunun Həmədana doğru başladığı hərəkəti dayandırmalısınız. Qoşunun ikinci hissəsini Əbər tərəflərində yerləşdirib, Rey ordusunun Qəzvindən qayıdacaq yollarını qorxu altında saxlamalısınız. Üçüncü hissə Həmədanın müdafiəsində durub, daxili qiyamlara imkan verməməlidir”. Qızıl Arslan Xarəzmşahın ordusunu məmləkətdən çıxarmaq üçün Bustam, Cacərm və Nişabur tərəflərinə əlli mindən ibarət qüvvətli bir ordu göndərəndən sonra vəliəhdi Təbrizdə buraxıb güclü bir qoşunla Həmədana doğru irəliləməyə başladı. Qızıl Arslan Qəzvinə yetişmədən əvvəl Həmədandan Fəxrəddinin rəhbərliyi altında gələn beş minlik Azərbaycan atlısı, Hüsaməddin və Qütlüğün iyirmi minlik ordusunu darmadağın edib Qəzvin şəhərini işğal etmişdi. Toğrul Qəzvin şəhərinin azərbaycanlılar tərəfindən işğal olunduğunu eşidən kimi Zəhir Bəlxi və bir neçə yaxın adamları ilə bərabər Savə şəhərinə çəkildi. Qətibə isə taxt-rəvana oturub Qızıl Arslanın istiqbalına çıxdı. Qızıl Arslan böyük bir təntənə ilə şəhərə daxil olub Atabəy qəsrində düşdü. Toğrulun bütün dövləti və əmlakı müsadirə olundu, dövlətə məxsus xəzinə və qiymətli şeylər isə Təbrizə köçürüldü... Qızıl Arslan Həmədana yetişdiyinin üçüncü günü Xarəzm ordusunun Cacərm altında əzilib geri çəkildiyi xəbərini aldı. Bağdad qoşunları isə Harunabad altında Azərbaycan qoşun dəstələrinə təsadüf edən kimi Bağdada çəkilməyə başlamışdı. Qızıl Arslan hüdudlardan əmin olduqdan sonra Fəxrəddin tərəfindən həbsə alınanların mühakiməsinə başladı. Vaxtilə Qızıl Arslan tərəfindən sürgün edilən və sonra Toğrulun dəvətilə Həmədana qayıdan müqəssirlər hökmdarın hüzuruna gətirildiyi zaman hökmdar acıqlanaraq dedi: – Siz yenə də mənim Həmədana hücum etməyimə səbəb oldunuz. Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. Sizin xəyanətinizin nəticəsində Bağdad, Qəzvin və Cacərm altında minlərcə insan qanı töküldü. Siz o qanların hamısına məsulsunuz. Siz Həmədan alim və əyanları kağız möhürləyib Xarəzmşaha göndərməklə məmləkəti satmaq istəyirdiniz. Siz alimlər və ruhanilər islam şərəfini ayaqlar altında tapdamaqdasınız. Sizə məmləkət haqqında padşahlarla müzakirə aparmağa kim ixtiyar vermişdi? Alçaq, yaltaq və uzunətək murdarlar! Dünyanı yalnız sizdən təmizlədikdən sonra, təzədən qurmaq mümkün olacaqdır. Sizə mərhəmət etmək – insanlara zülm etməkdir. İslamın həyatını, əqidəsini, fikrini, şüurunu bir qarın yemək üçün zəhərlədiniz. Qızıl Arslan bunları deyəndən sonra xidmətçilərə: – Bunlar üçün qırx beş dar ağacı qurulsun! – deyə əmr verdi. Müqəssirləri apardılar. Axşam idi, müqəssirlər dar ağacının altına gətirildiyi zaman Həmədan şəhəri bir-birinə dəymişdi. Müqəssirləri qurtarmaq üçün çuvallar dolusu qızıl və qiymətli şeylər Atabəy sarayının qarşısına düzülmüşdü. Lakin müqəssirləri altun gücünə qurtarmaq istəyənlər müqəssirlərdən qabaq dar ağacına qaldırıldı. Həmədan şəhəri mühasirə altında idi. Şəhərdən heç bir kəsin kənara çıxmasına imkan verilmirdi. Xəlifə tərəfindən Toğrul sarayına göndərilən nümayəndələr qovulmuş və yenə də Toğrul tərəfindən çağırılmış vəzirlərin bir hissəsi dara çəkildi, bir hissəsi də Azərbaycan qalalarının həbsxanalarına göndərildi. * * * Qızıl Arslan Həmədanda görüləcək işlərə əncam verəndən sonra bir daha Bağdada girdi. Əldə olan vəsiqələrlə son müharibələrin məsuliyyətini xəlifənin üzərinə saldı. Xəlifənin qoşunu bir daha tərk-silah edildi və zərərləri ödəndikdən sonra, bir daha Atabəy məmləkətlərinə xəyanət etməmək üçün Qurana and içdi. Qızıl Arslan Bağdaddan Həmədana qayıtdığı zaman yolda xəstələnmişdi. O, Həmədanda qaldığı beş günün müddətində yanına heç bir kəsi qəbul etmirdi. Qətibə xatun isə bu fürsətdən istifadə edib Qızıl Arslana yanaşmaq və öz günahlarının cəzasını qismən yüngüllətmək istəyirdi. O, yaxın günlərdə öz məsələsini həll etməli idi. Çünki Qızıl Arslanın Qətibə haqqında verdiyi qərarı məlum deyildi. Qətibə qorxurdu. O, otağında yalnız qaldığı zamanlar etdiyi cinayətləri bir-bir xatırlayır və titrəyirdi. Gah zəhərlənmiş Atabəyin yaşıl rəng almış meyiti, zəhərin təsirindən qaralmış çöhrəsi gəlib onun gözünün qabağında hərəkət edir, gah da məmləkətin əcnəbilərə satılması üçün qoyduğu imzaları gözlərində təcəssüm edirdi. O nə qədər düşünürdüsə də, Atabəy Məhəmmədin vaxtından bu günə qədər yaxşı bir iş gördüyünü xəyalına gətirə bilmirdi. Buna görə də o, bəzən öz-özünü mühakimə edərək deyirdi: “Qızıl Arslan məni hansı işim üçün bağışlaya bilər? O məni dara çəkdirər, zindanlarda boğdurarsa, haqlıdır. Mən onun qardaşını öldürdüm, Eldəniz xanədanını məhv etdim, məmləkətin bu qədər fələkətinə səbəb oldum. Nələr, nələr etmədim? Hazırda bütün Şərq ölkələrində məndən bədbəxt bir qadın ola bilərmi? O şair mənə nə etmişdi? Mən onun başına nə kimi fələkətlər gətirmədim?! Mən onun bir dünyadan qiymətli olan kitabxanasını nə üçün yandırdım? Nə üçün onun sevgilisini məhv etmək istəyirdim? Mən əvvəllər nə idim? İndi nəyəm? Nə üçün mən Atabəyi məhv etdim? Nə üçün mən onu bir kəndli qızına qısqandım? Halbuki mən mələkə, oğlum isə Eldəniz xanədanının varisi idi. O da mənim ağılsız hərəkətlərim nəticəsində bu məmləkətin düşmənlərinə qoşuldu. Məndə nə qaldı? Günahlarımı bağışlatdırmaq üçün nə kimi imkanlarım vardır? Heç bir şey! Cəzadan qurtarmaq üçün qadınlıq və gözəllikdən başqa heç bir şeyə malik deyiləm. Lakin qadınlıq vicdanını, qadınlıq şərəfini də itirmişəm. Çünki qollarım və dodaqlarım gündə birinin sərəncamında olubdur. Nə üçün? Mən bir hökmdarın mələkəsi kimi namusla yaşasaydım, Hüsaməddin kimilər mənim nəyimə lazım idi? Onu da öz başladığım xəyanətdə iştirak üçün doğru yolundan ayırdım, o da bu məmləkətin düşməni kəsildi, Atabəyin qətlində iştirak etdi, bunun əvəzində nə qazandı? Bir mələkənin yox, qatil bir fahişənin dodaqlarından başqa bir şey qazanmadı. Toğrul kimi sərxoş, zəif, iradəsiz bir hökmdarı səfil və rəzil bir vəziyyətə salan mən olmadımmı?! Onu verdiyim nəsihətlərlə öz ana-bir qardaşının qətlində iştirak etdirən mən olmadımmı?! Qızıl Arslan nə üçün məni bağışlasın? O nə üçün məni diri qoysun?..”. Qətibə bunları düşünəndən sonra çox şiddətlə ağladı. Ümidsizlik onun nicat yollarını qapamamışdı. Çox ağladı, göz yaşları döşlərini islatdığı zaman qəlbindəki yanıqlar da qismən söndü, yenə də düşünməyə başladı: “Mən hələ o qədər qocalmamışam, gənclikdən o qədər də uzaqda deyiləm. Qadın qırx iki yaşlarında yenə də qadındır. Gözəllik isə hələ sönməmişdir. Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. Qızıl Arslan da Hüsaməddin və Toğrul kimi bir kişidir. Bəlkə də kişilik şüuru onu mənim qələmlərimə atar. Bəlkə də o mənim gözlərimə baxarkən qəlbindəkiləri unudar. Bəlkə də mənim boybuxunuma baxdığı zaman təbiətin məndə yaratdığı möcüzələrə suiqəsd etmək fikrindən daşınar. Bəlkə də o mənim qara saçlarımı gördüyü zaman boğazıma keçirmək istədiyi sabunlanmış kəndiri xəyalından atar. Bəlkə də mən günahlarımı öz şişman döşlərimin kölgəsində gizlədə bilərəm. Bəlkə də mənim seviləcək dodaqlarım onun dodaqlarından çıxacaq cəza əmrlərini unutdurar”. Qətibə bu fikirlərin nüfuzuna istinad etdi və Qızıl Arslanın səhhətini soruşmaq bəhanəsilə onun otağına girməyi qərara aldı. Qətibə bu cür düşünürdü: “Kişilərin yanına gediləcək qapı otağın hansı bir tərəfində olursa olsun, yenə də güzgünün və bəzək büsatının yanından keçərək onlara yanaşmaq lazımdır. Sənətkarlar boyaları əbəs yerə yaratmamışlar, hər bir şeyi boyaların altında gizlətmək mümkündür. Mən də öz günahlarımı zinət və boyaların altında gizlədə bilərəm. Kişilər təbii şeyləri o qədər də bəyənməzlər. Onlar qadının qəlbi ilə yox, şəkli ilə maraqlanır, ümumiyyətlə onlar şəkilpərəstdirlər. Gözəlliyi, hətta boyalı gözəlliyi sevirlər”. Qətibə əlini-əlinə çalıb cariyələri səsləyərək onlara belə bir əmr verdi: – Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin! Cariyələr dərhal bəzək büsatını döşədilər. Əvvəlcə Qətibənin saçlarını Heydərabaddan gətirilmiş qiymətli ətirlərlə yudular. Sonra çöhrəsini Bağdad və Xorasanın ağ mərmər rəngli kirşanları ilə kirşanladılar. İsfahan qızıl gülündən alınmış rənglə yanaqlarını bəzədilər. Atabəy Məhəmmədlə görüşdüyü zaman taxdığı zinətləri üstünə tökdülər. Çin və Türküstan ipəklərindən düzəlmiş libasları geyindirdilər. Zümrüd və almaz xalxalları topuqlarına bağladılar. Qətibə tovuz quşunun gözəlliyini mənimsəyəndən sonra qalxıb güzgünün qabağına gəldi, yüzlərcə şamların işığında öz çöhrəsini və əndamını, zinətlərini gözdən keçirdi və öz-özünə yavaşdan dedi: “Sanki mən yenə də o qiymətli, eyni zamanda çox ucuz qiymət etdiyim gəncliyə qayıtdım”. O, bu sözləri deyəndən sonra qapıya doğru bir-iki qədəm götürüb dışarı çıxmaq istədi, lakin dayandı, çox düşündü, Qızıl Arslanın yanına getməyə cəsarət etmədi. “Bəlkə də hökmdar məni rədd etdi. Bəlkə də bu gözəllik onun acığını söndürmədi, o zaman mənim bu hərəkətim özüm üçün bir həqarət təşkil etməzmi?” – deyərək dayandı. Lakin bir azdan sonra yenə də: “Kişilər uzun istiqbalı qısa nəşəyə satmağa öyrəniblər”, deyərək özünü ələ aldı və qəlbində dedi: “Hökmdar möhkəm və dəmir bir iradəyə malik olsa belə, aylardan bəridir ki, qadınların hüzur və söhbətindən məhrumdur. Hazırda onun varlığında qadına, hətta gözəl qadına qarşı ciddi və inadkar bir tələb mövcud olmalıdır. Qadına olan tələb elə kəskin bir tələbdir ki, onun inadını heç bir irədə və şüur sındıra bilməz. Mən də gözəl bir qadınam, həm də gecədir. Ağıllı qadınlar isə kişilərin görüşünə ancaq gecə vaxtında getməlidir, çünki gecələr qadınların bəzəkləri təbii görünür, həm də kişilərin qadına olan marağı ancaq gecə zamanı alovlanmağa başlar. Çünki şamların işığında günəşin işığı kimi ifşaedici xasiyyət yoxdur. Bəzəklər örtə bilmədiyi cizgiləri, qocalığın mənfur izlərini təşkil edən qırışıqları, ən əla kirşanlar və boyalar örtə bilməzsə də, şamların işığı lazımınca örtə bilər”. Qətibə bu düşüncələrdən sonra bir daha güzgünün qarşısında dolandı, özünə bir daha diqqətlə baxaraq qapıdan çıxdı. Qızıl Arslanın yataq otağına məxsus kiçik dəhlizə böyük ürək çırpıntıları ilə girdi, lakin pərdəni qaldırıb otağa girməyə cəsarət etmirdi. Pərdənin dalında durub düşünür və öz-özünə deyirdi: “Bunu kim bacarar? Gecənin bu zamanı, xəlvət otaqda yaşayan bir kişinin otağına girmək kimin işidir? Bu qədər küstaxlığa kübar bir qadın, hətta bir məmləkətin mələkəlik şərəfini daşıyan bir qadın imkan verə bilərmi? Gecənin bu vaxtında qırx iki yaşlarında bir qadının bəzənib-düzənib kişinin yataq otağına girməsində nə kimi bir məna ola bilər? O mənim haqqımda nələr düşünməz? Lakin bilmirəm o məni mən istədiyim kimi qəbul edəcəkdirmi? O mənim illər uzunu irtikab etdiyim cinayətlərin günahını beş dəqiqəlik bir nəşə ilə silməyi bacaracaqdırmı? Zənn etmirəm, o qadınlara öyrənməmişdir. O, qadın vüsalının tiryəkinə adət etməmişdir. Lakin çətinlik birinci görüşə qədərdir. Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhərini aşılaya bilər. Sevgi ləkəsi silinməz ləkələrdəndir. O kimi ləkələri daşıyan adamlar həqarətdən, alçalmadan da əndişə etməzlər. O kimiləri işvəkar və gözəl qadının bir şübhəli gecəsinə gədəcəyin minlərcə işıqlı günlərini qurban verə bilərlər”. Qətibə bunları deyib otağın pərdəsini qaldırdı və sakit qədəmlərlə Qızıl Arslanın yatağına doğru irəlilədi. Qızıl Arslan insan nəfəsinin hənirtisini hiss etdiyi zaman əlindəki kitabı bir tərəfə buraxıb Qətibəyə nəzər saldı. Şərqin bütün zinət və zənginliyini mənimsəmiş canlı bir sərginin irəlilədiyini gördü və dərhal Qətibənin qəlbini oxudu. Qətibə düşüncələrində müvəffəqiyyət qazana bilməyəcəkdi, çünki Qətibə otağa girdiyi zaman Qızıl Arslanın oxuduğu kitab qadınların lehinə deyil, əleyhinə idi. O, “Çahar dərviş” romanını yoxladığı zaman “Rövşəndüxt” hekayəsini oxuyurdu. Qızıl Arslan Qətibəni gördüyü zaman sanki Meymən qalası hökmdarının qızı Rövşəndüxt onun yatağına doğru gəlir və atasının qətlinə mükafat olaraq sərkərdənin qolları arasına atılmaq istəyirdi. Qızıl Asrlan bu fikirlərin dəhşətli təsirilə kitabı bir tərəfə buraxıb qalxmaq istərkən, Qətibə əlini onun çiyninə qoyub dedi: – Rahatsız olmayın, hökmdar! Siz xəstəsiniz. Üzrünüz məqbul üzrdür. Sizi rahatsız etmək istəmirdim, lakin rahat ola bilmədim, hökmdarın belə mühüm bir zamanda xəstələnməsi vəziyyətdən xəbərdar olan bir adamı düşündürməyə bilməzdi. Qızıl Arslan acığını gizlədərək: – Mələkədən çox razıyam, – dedikdə, Qətibə də: – Mələkəlik məni xoşbəxt edə bilmədi. Lakin mən bədbəxt olduğuma baxmayaraq, hökmdarın xoşbəxt və qalib həyat keçirməsini arzu edirəm. – Mələkəni xoşbəxt etmək bir şəxsin işidir, lakin məmləkəti xoşbəxt etmək üçün uzun müddət, hətta ümumi bir qüvvətlə işləmək lazımdır, çünki məmləkətin düşməni olduqca böyükdür. Qətibə bir ah çəkərək: – Doğrudur, hökmdar! – dedi. – Mənim xoşbəxtliyimin bir şəxsin əlində olduğu inkaredilməz bir həqiqətdir. Lakin qəlbin tələbləri təmin edilmədən xoşbəxtliyin baş tutacağı da şübhəlidir. Qızıl Arslan göz qapaqlarını qapayıb Qətibənin nə demək istədiyi barəsində düşünür və ona nə kimi cavab verməyi hazırlayırdı. Qətibə hökmdarın tərəddüd içərisində üzdüyünü duyunca cəsarətini toplayıb dodaqlarını hökmdarın dodaqlarına yaxınlaşdırıb: – Yəqin ki, hökmdar həzrətlərinin hərarəti olduqca kəskindir! – dedi. Lakin Qətibə bu təşəbbüsündən gözlədiyi qalibiyyəti qazana bilmədi, biləks, açıq bir təhqir aldı. Çünki hökmdar çöhrəsində insan nəfəsinin istiliyini hiss edər-etməz, Qətibənin fikrini anladı və əlini çöhrəsinə hayıl etdi. Buna görə də Qətibə hökmdarın dodaqları əvəzinə əlindən öpdü. Qızıl Arslan Qətibənin təhqir olduğunu hiss edərkən: – Elədir, mələkə! Hərarətim olduqca kəskindir. Mən də xəstəyəm, məmləkət də xəstədir. Birinci xəstəyə yox, ikinci xəstəyə kömək lazımdır. – Mən ikinci xəstənin tədavisində iştirak etməkdən ötrü birinci xəstə ilə danışmaq üçün gəlmişdim. Qızıl Arslan Qətibənin onu yoluxmaq və səhhətini soruşmaq üçün deyil, Toğrul ilə oynadığı oyunları oynamaq məqsədilə gəldiyini bilirdi. Bunsuz da Qətibənin məsələsi Qızıl Arslanı düşündürürdü. Onu edam etdirmək və yainki həbsə aldırmaq mümkün deyildi. Əvvəla, onun oğlu Rey hakimi idi, ikinci, o, Atabəy Məhəmmədin qadını idi. Qızıl Arslan onu sürgün etmək də istəmirdi, çünki sürgündə olduğu zaman məmləkətin düşmənləri ilə daha azad, daha asan bir surətdə görüşür və macəra hazırlayırdı. Buna görə də Qızıl Arslan onu öz gözü önündə bulundurmağı qərara almışdı ki, bu da onun Təbrizə köçürülməsilə mümkün idi. Qızıl Arslan bunları düşündüyü dəqiqələrdə Qətibə də eyni fikrin ətrafında düşünürdü: “O məni öldürə bilməz. Həbsdə saxlaya bilməz, sürgün etməkdən də müsbət bir nəticə əldə edə bilməzdi. Söz yoxdur ki, paytaxtda yaşamağıma razı olmayacaqdır. Bunun üçün yeganə bir çarə varsa, o da məni Təbrizə köçürməkdən ibarət olacaqdır. Hərgah mənim bu düşüncələrim doğrulursa, o zaman hökmdarın yaxası bu qadının əlindən qurtarmaz, o bu gün üzünü tutmağı bacarırsa, yarın bacarmaz. Kişilər belədir, onların qadına tələbat hiss etdikləri anları təyin etməyi bacarmaq lazımdır. Onlarda bu tələbat doğulduğu zaman şüurları kütləşir, o zaman qadının qocalığını, çirkinliyini, hətta əxlaqsız olduğunu belə xəyallarına gətirə bilməzlər”. Qızıl Arslan sükutu pozaraq: – Mən möhtərəm mələkə haqqında tamamilə başqa cürə düşünürəm. Bu neçə ilin müddətində mələkənin yaşayış tərzindən aldığım təcrübələr mənə bir həqiqəti anlatdı ki, o da bundan ibarətdir: İndiyə qədər mələkənin nə kimi bir vəziyyət içərisində yaşamasilə nə Toğrul, nə də mənim özüm məşğul olmamışıq. Mələkənin üzərində müəyyən nəzarət və himayət olmamışdır. Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır. Məmləkətin düşmənləri mələkənin başlı-başına buraxılmasından istifadə etmişdir. Hətta, Toğrulun özü də mələkənin qeyri-ixtiyari və məcburiyyət daxilində buraxdığı səhvlərindən istifadə etmək istəmişdir. Qızıl Arslan bunları açıq-açığına deyəndən sonra Qətibəyə sual verdi: – Möhtərəm mələkə, bu söylədiklərim doğru deyilmi? Qətibə bir daha iqbalını sınamaq istədi və ağlayaraq: – Belədir, əlahəzrət! – deməklə özünü hökmdarın üzərinə atdı və bir daha tutqun səslə: – Belədir! – dedi və döşlərini hökmdarın döşlərinə söykədi, qollarını açmaqla onu bərk-bərk qucaqladı. Lakin o, bu son təşəbbüsündə də müvəffəq ola bilmədi. Qızıl Arslan soyuqqanlı bir halda onun qollarından tutub yataqdan uzaqlaşdı və: – Mələkənin özünü ələ almasını məsləhət görürəm. Sizi Təbrizə köçürəcəyəm. O zaman bu sahədə də danışmaq mümkündür. Qətibə məğlublara məxsus bir çöhrə ilə Qızıl Arslana baxaraq soruşdu: – Mən hökmdarın verdiyi bu vədələrə inana bilərəmmi? – İnana bilərsiniz. Hər şey Təbrizdə. Qətibə bu sözləri eşidəndən sonra yenə də qalxıb getmədi, o Qızıl Arslandan təminat almaq və gələcəyin zəminəsini qoymaq üçün öz qadınlığını, öz gözəlliyini nümayiş etdirdi. Lakin etdiyi nümayişlərin hamısında özünü məğlublar cərgəsində gördü. Nəhayət, fikrini açıq-açığına dedi. Qızıl Arslan da əvvəlki sözünü təkrar etməklə: – Hər şey Təbrizdə, – deyə cavab verdi. Qətibə bir daha açıq danışdı: – Mən hökmdarla bərabər məmləkətin iqbalında iştirak etmək istəyirəm. Qızıl Arslan yenə də: – Bu barədə Təbrizdə danışarıq, – dedi. Qətibə səhərə qədər Qızıl Arslanı rahatsız etdiyinə baxmayaraq, öz qəlbini rahat edə bilmədi. O ağlaya-ağlaya pərdəni qaldırıb dəhlizə çıxdığı zaman cariyələr və xidmətçilər də dəhlizdə durub Qətibənin hökmdarın otağından nə zaman və nə vəziyyətdə çıxacağını gözləyirdilər. Qətibə göz yaşı ilə onlara müraciət edib: – Hökmdarın səhhəti yerində deyildi, buna görə də yanından ayrıla bilmədim, – deyib, keçib getdi. Bu hadisədən üç gün keçəndən sonra Qətibənin qafiləsi Atabəy sarayını tərk edərək Həmədanın Təbriz darvazasından çıxırdı, Qətibə sanki Qızıl Arslanla baş tutacaq izdivacın toy otağına gedirdi. Qətibənin Təbrizə gətirilməsi xarəzmşahlarla olan əlaqənin dəyişməsinə və Reydən mərkəzi hökumətə qarşı aparılan mübarizənin dayandırılmasına səbəb oldu. Lakin azərbaycanlılar Qətibənin Azərbaycana gətirilməsi və Təbriz saraylarından birisində yerləşdirilməsi işinə soyuqqanlılıqla baxa bilmədilər. Qızıl Arslanı yaxından tanıyanlar onun Qətibə ilə evlənəcəyi haqqında buraxılan şayiələrin heç birisinə inanmırdı. Qətibə isə Təbrizə yığışdığı gündən bəri özünü Qızıl Arslanın mələkəsi kimi aparır və bu izdivacın tezliklə baş tutacağına inanırdı. O, oğlu Qütlüğ İnanca yazdığı məktubunda da bu fikirləri ifadə edirdi. O, məktubda deyirdi: “Bir məmləkəti idarə etmək işinin müvəffəqiyyəti, vəziyyəti təyin etməkdən asılıdır. Biz iqbalımızı Toğrulun iqbalına bağlamaqdan heç bir müsbət nəticə əldə edə bilmədik. Mənə elə gəlir ki, Toğrulun məsələsi hələlik həll edilmiş bir məsələdir. Hazırda həm iqbal, həm də məmləkət xalqının rəğbəti Qızıl Arslanın tərəfindədir. Buna görə də əminə qarşı əlində silah olaraq müharibəyə çıxmağın vaxtı keçmişdir. Bizim iqbalımız Qızıl Arslanın iqbalı ilə bir yerdə aşılanmaq ərəfəsindədir. Bu birləşmə səni nə acıqlandırsın, nə də heyrətə gətirsin. Çünki bu, iki nəfərin arzusunu təyin etmək deyildir. Xanədanımızın davam və möhkəmliyi bunu təqaza edir. Qan tökmək ixtilafı bir daha dərinləşdirər. Məktubu alan kimi, müharibə və mübarizə ətrafında gördüyün hazırlıqların hamısından əl çəkib Təbrizə gəlmək səfərinə hazırlanmalısan. Hökmdar sənə də və qəhrəman Hüsaməddin cənablarına da əmniyyət əta buyurmuşdur. Sizin hər ikiniz üçün əmniyyətnamə göndərir və yolunuzu gözləyirəm”. Bu məktub göndəriləndən on beş gün sonra təcili qasid gəlib Qütlüğ İnancın Hüsaməddinlə bərabər Təbrizə yaxınlaşdığını xəbər verdi. Bu xəbər gələn kimi Qızıl Arslan böyük və təntənəli bir istiqbal mərasiminin düzəlməsinə əmr verdi. Hüsaməddinlə Qütlüğ İnanc Qızıl Arslanın hüzuruna daxil olduqları zaman Qətibə də Qızıl payəli bir kürsünün üstündə oturmuşdu. Onların hər ikisi əvvəlcə Qətibənin, sonra da Qızıl Arslanın əlini öpdülər. Hüsaməddin Qətibənin əlini öpdüyü zaman keçmişin mürəkkəb xatirələri yenə də onu danışdırıb deyirdi: “Vaxtilə bu əxlaqsız qadın mənimlə izdivac arzusunda olduğu və mənim həsrətimlə yaşadığını təkrar-təkrar deyərək and içirdi. O, üzünü və dodaqlarını dəfələrlə mənə öpdürdüyünə baxmayaraq, indi də mənə əlini öpdürür, heç də utanıb-qızarmır. O dodaqlar nə etmədi? Qaşıda duran bu ilan kimləri zəhərləmədi? Ərini edam etdirdi, Toğrulu taxtından sürgünlərə göndərdi. İndi də Eldəniz xanədanını kor qoymaq üçün Qızıl Arslana nəfəs salmışdır. Lakin o mənim əlimdən yaxasını qurtara bilməyəcəkdir. Onu məhv edəcəyəm, o mənim yanımda da məsuldur. Onun şeytancasına sevgisi iyirmi ildən bəri mənim gəncliyimi çeynəmişdir. Mən bir qəhrəman olduğum halda, kimlərə xidmət etdiyimi özüm də bilmirəm”. Hüsaməddin bu fikirlərdən sonra ilan kimi acığından qısqanaraq bir daha qəlbində dedi: “Şairlər nə qədər hessas şəxsiyyət imiş!.. Nizami bu ilanı birinci görüşdə tanıdı. O, bunun qəlbini nə tez oxuya bildi? Qoy Qətibə şadlanmasın, qoy o Qızıl Arslandan nicat gözləməsin, mən yenə də Toğrulu hökumət başına keçirəcəyəm. Qoy Qızıl Arslan dünyalara əyilməyən məğrur başını əclaf və vəfasız bir qadının qarşısında əysin, lakin onu da bilsin ki, bu qadına əyilən baş, bir gün torpaqdan qalxmayacaqdır. Buna Qətibə deyərlər, o bu xanədanı məhv etməmiş sakit olmayacaqdır. Bunun özünü isə yalnız mən məhv edə biləcəyəm”. Qətibə də hüzurunda duran ağılsız və sevgi əsiri olan qəhrəmana baxır və düşünürdü: “Qəhrəmanlıq meydanının sənətkarı olsan da, qadın qəlbini öyrənmək işində məktəbli bir uşaq qədər savadsızsan. Sən mənim əlimdən qurtara bilməzsən. Filosoflar, siyasətçilər və ədiblər meydanında at sürən Qızıl Arslanlar mənim müəmmalarımı həll edə bilmədiyi halda, sənin kimi avam, ancaq bir qılınc ilə bir də heyvanı qüvvətə malik olan bir adam nə edə biləcəkdir? Sən mənim bir cüt dodağıma sahiblənmək üçün bir hökmdarın qətlində iştirak etdin. Bu dodaqları bir daha sənə verərsəm, yanımda oturan ikinci hökmdarı da öldürəcəksən, lakin yenə də mən sənin olmayacağam. Çünki mən gözəlliyi, qəhrəmanlığı yox, məqsədi sevirəm. O məqsəd isə Toğrulda və Qızıl Arslandadır. Sənə gəldikdə, bu məqsədi əldə etmək üçün bir vasitəsən”. * * * Təntənəli ziyafətdə Təbrizin ən sənətkar çalanları və oxuyanları iştirak edirdi. Lakin Hüsaməddinin qəlbi özündə deyildi. Onu təhqirin və qısqanclığın ağırlıqları əzirdi. O həm acıqlanır, həm də etdiklərindən utanır və xəcalət çəkirdi. – Nə üçün mən Atabəy Məhəmməd kimi bir kişini iki zəhərli dodaqların səbəbinə zəhərlətdim? – deyərək qəlbində belə bir and içirdi: “Mən bu fahişənin dodaqlarına zəhər içirməsəm, rahat ola bilməyəcəyəm”. Qətibə hazırkı vəziyyətdən narazı deyildi. O belə düşünürdü: – Mən bir qatil olsam, dəyərsiz adamların qatiliyəm. Məmləkətini, vətənini bir qadının dodaqlarına qurban verə bilənləri öldürmək məmləkətə və xalqa qarşı bir xəyanət hesab edilməməlidir. Məmləkətin bədbəxtliyi burasındadır ki, onun idarəsi hər əsrdə bir acizin, yaxud bir şəhvətpərəstin əlində olmuşdur. İyirmi iki ildir ki, böyük bir xanədanı oyuncaq edib əlimdə oynadıram. İntiqam intiqam üstündən alıram. Yenə də alacağam, çünki Atabəy Məhəmməd mənə verdiyi qəlbini alıb, başqasına verdi. O, öz gözəli ilə nəşələndiyi gecələr mən dizlərimi qucaqlayıb ağlayırdım. Hazırda mənim yanımda oturan hökmdar da mənim məqsədimi bu gün-sabah təxirə salır, lakin o bunu davam etdirə bilməyəcəkdir. Çünki artıq ölüm ona çox yaxındır”. Musiqi çalınır, rəqqasələr rəqs edirdi. Ziyafətdə hər şey və hər kəs var idi. Görünməyən şey səmimiyyət, iştirak etməyənlər isə azərbaycanlılar idi. Qətibə Təbrizə gəldiyi gündən vəliəhd Azərbaycan səyahəti bəhanəsilə Təbrizdən çıxmışdı, Qütlüğ İnancın gəlməsi münasibətilə veriləcək ziyafətə dəvət olunduğuna baxmayaraq ziyafətə gəlməmişdi, çünki o, Qətibəni görmək istəmirdi. Atabəy Məhəmmədin qəfildən baş verən ölümü haqqında buraxılan şayiələr vəliəhdin Qətibəyə olan etimadını qırmışdı. Qızıl Arslan Qətibə haqqındakı fikirlərini vəliəhdə izah etsə belə, o yenə də bu fikirlər ilə hesablaşmaq istəmirdi. Ziyafət dörd gün davam etdi. Lakin Qətibə macərasız oturmağı bacarmırdı. O, Hüsaməddindən də ümidini kəsməmişdi, onu lazım olduğu zaman Qızıl Arslana qarşı istifadə etməyə hazırlaşırdı. Qızıl Arslan Qütlüğ İnancı vəliəhd təyin etməz və izdivac məsələsinə əncam verməzsə, Qətibə onu Hüsaməddinin vasitəsi ilə məhv etməyi qərara almışdır. Buna görə də Hüsaməddinin Təbrizə gəldiyinin beşinci günü Hüsaməddini öz hüzuruna dəvət elədi. Hüsaməddin öz mənzil etdiyi binadan çıxıb Qətibənin yanına gedərkən, ona demək istədiyi sözləri əzbərləyirdi: “Adı mələkə olan bir qadında vəfa və mürüvvət olmazmı? Sən nə üçün mənim həyatımla oynayırsan? Səni öz sevdiyin oğluna and verirəm, mənim yaxamdan əl çək. Nə üçün məni bu qədər tarixi cinayətlərə cəlb edirsən? Mən bütün ömrümdə sənə və sənin əcdadına, ata və anana qarşı bir hörmətsizlik etmişəmmi? Məni hansı bir günahım səbəbinə cəzalandırırsan?”. Hüsaməddin bu sözləri təkrar-təkrar əzbərləyə-əzbərləyə Qətibənin otağına daxil oldu. Qətibə isə Hüsaməddinin dalınca cariyəsini göndərdikdən sonra, Hüsaməddinlə birinci görüşündə, yəni, qızlıq vaxtında geydiyi libasları geyib, otaqda o tərəf-bu tərəfə gəzirdi. Hüsaməddin Qətibəni gördüyü anda demək istədiyi sözləri tamamilə unutdu və qəlbi dərhal keçmişlərə və gəncliyə qayıtdı. Sanki onun qarşısında 42 yaşlı Qətibə yox, iyirmi yaşlarında gənc və yetişmiş bir qız durmuşdu. Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirib: – Otur, otur mənim ruhum! – dedi. Hüsaməddin “mənim ruhum” kəlməsindən diksindi və təkan yedi. O, Qətibə ilə Həmədanda, Muradbəy dərəsində Köşkbaği-müəzzəmdə və Eldəniz Rübatında keçirdiyi nəşəli gecələri bir daha xatırına gətirdi. Danışmırdı, ayaq üstündə durub Qətibənin çöhrəsinə baxırdı, sanki onun çöhrəsindən bir utancaqlıq duyulurdu. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. Hüsaməddin öz qəlbində deyirdi: “Heç şübhə yoxdur ki, bu saat Qətibədə mənim lehimə olaraq qəti bir dönüş əmələ gəlmişdir. O, utanır, çöhrəsindən həya təri tökülür. Gözəl qadının utanan və tərləyən çöhrəsinə baxmaqda da qəribə bir aləm vardır. İnadlıdır, hiyləgərdir, işvəkardır, iradəlidir, lakin qadındır. Hər şeydən sonra onlarda kişiyə təslim olmaq xüsusiyyəti vardır. Qətibə bu təzə rolunu çox böyük bir sənətkarlıqla oynayırdı. O, otağı həyəcanla dolaşdığı zaman bahar buludu kimi dolmuşdu, yavaş-yavaş qara bulud kimi suya dolan göz bəbəklərindən qızıl güldən daha incə olan yanaqlarına şəbnəm damcılayırdı. O damcıların hər birisi Hüsaməddinin qəlbində alovlanmağa başlayan intiqam odlarını söndürürdü. Artıq Hüsaməddinin ona yazığı gəlir və öz qəlbində deyirdi: “Bədbəxt, yazıq qadın! Ömründə xoş bir gün görmədi. Bütün gəncliyi həqarətlər, ixtilaf və kədərlər içərisində məhv oldu. Şairi sevdi, rədd olundu, təhqir olundu. İstəmədiyi bir adama ərə verdilər, qızlıq şərəfini alaraq gözdən saldı, başqasına evləndi. İndi nə etsin? Kimi dinləsin? Kimə inansın? İndi hər kəs bunu öz məqsədi üçün istifadə etməyə çalışır. Yazıq qadınlar! İxtiyarları öz əllərində deyil. Hər kəsin sərvəti var, qüvvəti və şirin dili varsa bunları aldadır, məcbur edir, nəhayət, bir əsir kimi qoynuna salır, sevgisinə, istiqlalına ölüm zərbəsi vurur. Yazıq qadın! Sənin şəxsi şərəfin, mənliyin və istiqlaliyyətin yoxdur. Sənin arzun yoxdur. Sən kişinin arzu və əməllərinə boyun əyməlisən. Ağla, yazıq qadın, ağla! Çünki sən ancaq bu ixtiyara maliksən! Yazıq Qətibə! Toğruldan yaxanı qurtaran kimi, Qızıl Arslanın pəncəsinə düşdün. Gözəlsən, nə edəcəksən? Bəzən gözəllik də qadının xoşbəxtlik və azadlığını əlindən alır. Hərgah sən Qətibə, Qızıl Arslandan yaxa qurtarmağı arzu edirsən, mən sənə kömək edərəm, çünki bir zalımı məhv etmək hər bir vicdanın müqəddəs vəzifəsidir”. Qətibə yaxına gəlib əlini Hüsaməddinin çiyninə qoyaraq məhzun bir surətdə dedi: – Mənim ruhum! Bizi bir-birimizdən ayırdılar. Mən aciz bir qadın olduğum üçün buna qarşı nə edə bilərdim?.. Lakin sən istəsən bu ayrılıq o qədər də uzun çəkməz. Mənim ruhum! Qızıl Arslanın məni Həmədandan Təbrizə nə məqsədlə gətirdiyini bilməmiş deyilsən. Lakin mən sənin namus və şərəfini satan qadınlardan deyiləm. Onun qarşısında böyük ordular baş endirir, tək bir Qətibə onun əmrlərinə təslim olmaya bilərdimi? Sənə and içirəm, əmin ol. O məni öz qolları arasında görməyəcəkdir. Sən mənim Qızıl Arslanla Təbrizə gəldiyimi öz şərəfinə həqarət hesab edib məni atsan da, mən yenə də səni atmayacağam. İnan mənə, sənin dediyin söz xəyalımdan çıxmamışdır: mən sənin olmasam da, heç kəsin də olmayacağam! Həyat belədir, mənim ruhum! Sən mənim həyatımı əvvəlindən axırına qədər bilirsən. Mənim bədbəxtliyim o şairi sevdiyim gündən başlandı. O gündən başlayaraq mən təhqir olunuram. Sən bilirsən ki, mən Atabəy Məhəmmədə öz qızlıq cəvahirimi verdim, lakin o məni təhqir etdi, mənim üstümə evləndi. Onun qardaşı Toğrul isə mənə sahiblənmək üçün başıma nələr gətirmədi?! Yaxamı onun əlindən qurtarmamış onun qardaşının əlinə düşdüm. Hərgah sən bunları özünə qarşı mənim tərəfimdən baş vermiş bir xəyanət hesab edirsənsə, mən səni təqsirləndirmirəm. Çünki sən kişisən, həm də bir qəhrəmansan, sən qısqanmalısan, əlbəttə sevgi olan yerdə qısqanmaq da olacaqdır. Mən elə zənn edirəm, mənə sənin kimi bir adamın köməyi olmadan bu fələkətdən qurtara bilməyəcəyəm. Hüsaməddin bir az düşünərək: – Doğru deyirsən, mələkə! – dedi. Qətibə isə yenə də Hüsaməddinin qəlbindəki ləkələri gözünün yaşı ilə silib təmizləməyə başladı, nəhayət, Hüsaməddin: – Ağlama mələkə! Hüsaməddin sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır. Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. Ümid edirəm ki, siz mənim xidmətlərimi unutmazsınız. Mən də sizin kimi bir bədbəxtəm. Mən də iyirmi beş ildən bəri bir arzunun əsiriyəm. Kim bilir, bəlkə də bizim qismətimiz belə imiş. Qətibə ona yaxınlaşdı və yavaşdan dedi: – Sən ona inan ki, Qızıl Arslan mənə yaxınlaşdıqca ölümə yaxınlaşır. İndi biz hər bir təşəbbüsü həyata keçirə bilərik. Ancaq fürsəti gözləmək lazımdır. Mənim ruhum, bu dodaqlar sənindir. Qətibə bunu dedikdən sonra dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddin isə qollarını açıb Qətibəni qucaqlarkən bu sözləri eşitdi: – Dalısı sonra... * * * Kəhran qalası Qızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi: Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər. Bu xəbərlər Savə şəhərində oturub Qızıl Arslana qarşı təzə qüvvələr hazırlamaqda olan Toğrulun da qulağına çatmışdı. O bu xəbərləri özü üçün Allah tərəfindən göndərilən bir müvəffəqiyyət kimi sanırdı. Nəhayət, bu şayiələr Toğrulca bir həqiqət şəklinə girdi. O, Fəxrəddin və Seyid Əlaəddindən bu məzmunda çox uzun bir məktub aldı: “Əlahəzrətə. Sizə məlumdur ki, biz öz mərtəbəmizi ucaltmaq üçün çalışmırdıq. Bizim bütün səy və təlaşımız bu xanədanın taxt-tacını qorumaq və onun şan-şöhrətini ucaltmaq üçün idi. Biz iyirmi ildən bəri böyük orduların rəhbərliyində olduğumuza baxmayaraq daima özümüzü məmləkətin adi bir əsgəri kimi aparmışıq. Biz əsgərlikdə çalışıb, bu sənətlə pərvəriş tapmışıq. Heç şübhə yoxdur ki, son zamanlar bizim Qızıl Arslan ordusunda çalışmağımız nəticəsində əlahəzrətin xatir-şərəflərinə kədər varid etmişdir. Buna görədir ki, əlahəzrət Həmədanda olduğu zaman bu həqir nökərlərinə iltifat nəzərilə baxmaq istəməmişdi. Bizim ikimiz şahanə nəzərinizdən məhrum olduğumuz üçün, vəzifəmizdən də götürülmüşdük. Bunları nəzərə almaq istəmirik. Çünki son hadisələr səmimi nökərləriniz üçün ibrət dərsi oldu; çünki hazırda biz, məmləkət və xanədan uğrunda çəkilən zəhmətlərin tamamilə hədər getdiyini görürük. Əlahəzrətin özünə məlum olduğu üzrə, Qızıl Arslanın Qətibəyə evlonmək şayiələri həqiqət şəklinə keçməyə başlayır. Bu hadisə yalnız iki nəfər əsgərin deyil, cyni zamanda bütün Azərbaycan xalqının nifrətinə səbəb olmuşdur. Çünki Qətibənin kim olduğu əlahəzrətin özünə məlum olduğu kimi, bütün məmləkətin xalqına da məlumdur. Biz səmimi nökərlər əlahəzrətin taxt-tacına and içirik ki, bizdə heç bir riyakarlıq yoxdur. Biz sizi Həmədanda olan Azərbaycan qoşunları barəsində əmin edirik. Qızıl Arslan əvvəlki yolunu davam etdirsəydi, biz heç bir zaman onun ətəyini buraxmazdıq. Lakin onun Qətibə ilə olan əlaqəsi göstərdi ki, o, artıq öz həqiqi yolunu azdırdı. O, bu hərəkətilə məmləkəti uçuruma doğru sürükləyə bilər. Qızıl Arslan bizim qılınclarımız, qanlarımız nəticəsində qazanılan qələbələri ikiüzlü bir qadına uduzdu. Bu səbəblərə görə əlahəzrətin nökərləri də öz yolunu dəyişdi. Hərgah əlahəzrət Həmədan şəhərinə qayıtmaq və öz taxt-tacına sahib olmaq istəyirsə, biz canımız və qanımızla ona kömək etməyə hazırıq. Əlahəzrət çox gözəlcəsinə bilir ki, azərbaycanlıların qılınclar hər kimin arxasında parlasa, qələbə də onun önündə baş endirəcəkdir. Hazırda paytaxt bizim əlimizdədir, onun Təbriz şəhəri ilə heç bir əlaqəsi yoxdur. Qızıl Arslan tərəfindən təyin edilən ali mənsəbli adamları və onun vəziri Şəmsəddini əsir götürüb həbsxanaya atmışıq. Hər şey hazırdır. Əlahəzrətin təşrifinin intizarındayıq. Hazırda Həmədan şəhəri öz səlahiyyətli və böyük hökmdarını saxlamaq üçün başına əyməkdədir. Əlahəzrət təşrif gətirəcəyi günü vaxt ikən bildirməlidir. İstiqbal təntənəsi üçün lazım olan hazırlıqlar bitməkdədir. Sizə Həmədanda olan minlərcə fədakar nökərlərinizin salamını göndəririk. Fəxrəddin Əlaəddin!” Bu məktub Toğrula göndəriləndən sonra Həmədanda həbslər başlandı. Qızıl Arslanla əlaqədə olanların hamısı həbs olundu. Qoşun böyükləri şəhəri gəzib müəyyən siyahılar üzrə yüzlərcə adamları evindən çıxarıb həbsxanalara doldururdu. Qızıl Arslanın vəziri Şəmsəddin, yaşadığı evdə həbsə alınaraq ətrafına bir dəstə gözətçi qoyuldu. Qızıl Arslanın düşmənləri toy-bayram edirdi. Bağlardan, bağçalardan və evlərdən musiqi, xanəndə səsləri ucalırdı. Eyni zamanda, Qızıl Arslan tərəfindən asılanlar üçün də təziyə saxlanırdı. Musiqi nəğmələri ilə bərabər küçələrdə Quran ayələri və fatehə səsləri də eşitmək olurdu. Təziyədən çıxanlar əllərinə həna yaxıb qızartmışdı. Onlar küçələrdə bir-birlərini gördüyü zaman görüşür, öpüşür və təbrik edirdilər. Bazarlar və meydanlardakı xalqın danışıqları bir mövzu və bir məzmunda idi: – Xudavənd-aləmin barmağı yoxdur ki, insanın gözünə soxsun. Bu möcüzədir. Xudavənd-aləm onun nökərlərini öz üstünə qaldırdı. – Eybi nədir. Qızıl Arslanın dara çəkdirdiyi qırx beş adamın əvəzinə dörd yüzünü dar ağacına qaldıracağıq. Qoyun hələ əlahəzrət təşrif gətirsin! Bunları cəza vermək lazım olduğunu özü bilər. – Özüm dar ağaclarını saydım. Yüzə qədər dar ağacı qurumuşdur. – Hələ o azdır. Görərsən nə qiyamət olacaqdır!.. – Elədir. Məncə cəzalanmalı adamların sayı mindən artıqdır. – Afərin Fəxrəddinə. Qəhrəmandır. İslam dininin kəskin qılıncıdır. Həmədan xalqının intiqamını alır. – Qızıl Arslanı Qızıl Arslan eləyən bunlar deyildimi? Bu mövzulu söhbətlər paytaxtda bir həftədən bəri davam edirdi. Qızıl Arslanın cəzasından qaçanlar dəstə-dəstə şəhərə qayıdırdı, şəhərin uzaq hissələrində gizlənənlər öz evlərinə gəlirdi. Toğrulun əyan və vəzirlərindən sağ qalanları şəhərə gəlir və öz işinə başlayırdı. Fəxrəddin və Əlaəddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı: “Həmədan xalqı! Xudavənd-aləmin köməyi və xəlifəyi-rui-zəminin mənəvi nüfuzu sayəsində məmləkət yenə də öz həqiqi sahibinin əlinə çatdı. Şəhərdə asayiş və əmniyyəti pozmaq və istədiyi adamlar üzərində şəxsi mühakimə qurmaq istəyənlər olduğu yerində cəzalanacaqdır. Müqəssirlərin cəzalanması əlahəzrətin fərmanı ilə xüsusi bir mühakimə heyəti tərəfindən həyata keçiriləcəkdir”. Bu bəyannamədən sonra məscid və minbərlərdə Qızıl Arslan və onun tərəfdarlarına lənət oxuyurdular. Camelərdən “amin-amin” səsləri hər saat və hər dəqiqə eşidilirdi. Vaizlər və xatiblər minbərlərdə Toğrulun adına xütbə oxuduqlara zaman yenə də “əssultanül adil və bazil” deyə-deyə dua edirdilər. Küçə dilənçiləri də əhalidən ehsan istədiyi zaman onları Toğrulun canına and verirdilər. Toğrul sarayı tovuz quşu kimi bəzənmişdi. Xidmətçilər, kənizlər, cariyələr hamısı öz yerində idi. Rəqqasələr, mütrüblər, saqilər hamısı hazır idi. Mütrüblər təzə kəmərçinlər geyir, saqilər piyalələri hazırlayır, rəqqasələr zinətlərini üstlərinə tökürdülər. İsfahanın yaşıl ipəklə sarılmış şərab şişələri açılıb rətllərə tökülür, cariyələr isə saçlarını Reydən göndərilmiş yasəmən ətirlərində çimdirirdilər. Hökmdarın xüsusi cariyəsi Müsəffa xanım bədənini süd içərisində yıxayırdı. Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər. Toğrulun sevdiyi cücələri tapmaq mümkün deyildi. Toğrul qaçdığı gündən onlar da namələm bir tərəfə qaçmışdı. Nəhayət, onların şəhər ətrafındakı qoşa hamamların küldanında gecələdikləri məlum oldu, onları da tapıb gətirdilər. Toğrulun xanəndələri hökmdarın şəhvət və nəşəsini coşdura biləcək təzə qəzəl və rübailər öyrənirdilər. Saraya məxsus olan hər şey gətirilib yerinə qoyulmuşdu, yalnız fil sümüyündün düzəlmiş və cavahiratla bəzənmiş qızıl payəli taxt yerində deyildi, çünki onu Qızıl Arslan Təbrizə göndərmişdi. Buna görə də təcili olaraq əlahəzrət üçün təzə bir taxt hazır edilmişdi. Əlahəzrətin qafiləsini Həmədanın səkkiz mil məsafəsində olan Fəxrabad çəmənində qarşıladılar. Qafilə bu uzun məsafəni Azərbaycan atlıları tərəfindən düzəlmiş polad hasarın içərisindən keçib, salavat və salam səslərinin tərənnümləri altında irəliləyirdi. Əlahəzrətin oturduğu taxt-rəvanın ətrafında minlərcə xətiblər ruhanilər və əyanlar piyada gedirdi. Axşam qaranlıq düşdüyü zaman Toğrul öz oğlu Məlikşah ilə bərabər, aylardan bəri ayrıldığı sarayına daxil oldu. Hamıdan əvvəl Fəxrəddin və Seyid Əlaəddin Toğrula təqdim olundu. Fəxrəddin baş endirib paytaxtın vəziyyəti haqqında belə məlumat verdi: – Əlahəzrətin düşmənləri siyahı üzrə həbsə alınmışdır. Qızıl Arslanın vəziri Şəmsəddin öz evində həbsə alınmışdır. Əhalinin intiqam hissləri coşduğundan onu evindən çıxarıb həbsxanaya aparmaq mümkün olmadı. Əlahəzrətin tərəfdarları tamamilə şəhərə qayıdıbdır. Onların hamısı öz sabiq vəzifələrinə təyin olunmuş və rahətləri təmin edilmişdir. Şəhər tamamilə asayiş və əmniyyət içindədir. Azərbaycan qoşunu əlahəzrətə göstərəcəyi sədaqət üçün and içməyə hazırdır. Onların hamısı silah başındadır. Əlahəzrətin əmrinə müntəzirdir. Toğrul sanki yuxu görürdü. Qızıl Arslana bir çox qələbələr qazandıran iki məşhur qəhrəman onun hüzurunda durub öz sədaqətini elan edirdi. Şübhəsiz ki, o şadlığından özünü elə ala bilməyəcək və ağlayacaq idi. Toğrul çox yorğun idi, bu yorğunluq ona təzə əmrlər vermək üçün imkan vermirdi. Bu səbəbdən də çox qısa cümlələrlə bəzi göstərişlər verib dedi: – Həbsə alınanları diqqətlə mühafizə edərsiniz. Mən onların siyahısını gözdən keçirəndən sonra cəzalanmaları üçün əmr sadir edəcəyəm. Sabah günorta zamanı üçün rəsm-keçid təyin edərsiniz. Qoşunun və əyanların andını qəbul edəcəyəm. Rəsm-keçid bitəndən sonra Qızıl Arslanın vəziri Şəmsəddini rəsm-keçid meydanına gətirib xalqın gözünün qabağında dara çəkdirərsiniz. İndi gedə bilərsiniz, xidmətinizdən məmnun və məhzuz oldum. Fəxrəddin və Seyid Əlaəddin baş endirib Toğrulun divanxana otağından çıxdılar. * * * Gün çıxandan saat 12-yə qədər Qarabağ və Aranın qaşqa atlarına minmiş azərbaycanlılar, öz qışlarından çıxıb atlarını Atabəy meydanına tərəf məhmizləyirdilər. Əyinlərinə dəmir geyim geymiş sərkərdələr öz dəstələri ilə bərabər küçələrə çıxmışdılar. Lakin Azərbaycan qoşun dəstələri bəndləri kəsib heç bir kəsi Atabəy meydanına buraxmırdılar. Toğrul tərəfdarları olan əyanlar, ziyalılar və ruhanilər üçün rəsm-keçid meydanının bir tərəfində xüsusi yerlər hazırlanmışdı. Meydanın hər tərəfi Azərbaycan qoşununun əlində idi. Hətta ətraf küçələrdən belə bir kimsənin keçib-getməsinə imkan verilməmişdi. Toğrul sarayından Atabəy meydanına qədər gələn uzun küçələrin hər tərəfində iki dəstə Azərbaycan qoşunu hasar çəkmişdi. Toğrulun öz oğlu və vəliəhdi Məlikşah ilə bərabər saray qapısından çıxaraq rəsm-keçid meydanına gəlmək istədiyini təbillər və kərənaylar əhaliyə xəbər verdi. Bir anda iyirmi mindən artıq Azərbaycan qoşunu qılınclarını çəkib çiyninə qoydu. Əlahəzrət valahəzrət vəliəhd ilə bərabər rəsm-keçid meydanına daxil olan kimi meydandan salam və yaşasın səsləri ucaldı. Fəxrəddinlə Əlaəddin qabaqda, dallarınca da qoşun sərkərdələri atlarını məhmizləyib qılınclarını qınlarından çıxardılar və sədaqət andı içmək məqsədilə əlahəzrətə yaxınlaşdılar. Atlılar əlahəzrəti aralığa alandan sonra Fəxrəddin atını irəli məhmizləyərək onu çiyindən yaraladı və oğlu Məlikşah ilə bərabər əsir götürdü. Bu hadisə baş verəndən bir neçə dəqiqə sonra Toğrul tərəfdarı olan əyan, ziyalı və ruhanilərin qolları bağlanıb Atabəy sarayının zirzəmilərinə sürülmüşdü. Şəhərin Atabəy meydanında nələr olduğundan xəbər yox idi. Axşam qaranlığı düşdüyü zaman, həbsxanaların qapısını açdılar, müəyyən bir məqsədi həyata keçirmək üçün həbsə alınan Qızıl Arslan tərəfdarları azad olundu. Toğrul tərəfdarları paytaxtdan tamamilə təmizləndi, əvvəlki həbsdən qurtarıb gizlənənlər bu dəfə son nəfərinədək ələ keçirilib həbsə alındı. Eyni zamanda Toğrulun yarasını sağaltmaq üçün həkimlər dəvət olundu. Bu hadisədən bir saat sonra Qızıl Arslanın vəziri Şəmsəddin təcili çaparla Təbrizə belə bir məktub göndərdi: “Əlahəzrət! Göstərişlərinizə əməl edildi. Fəxrəddin və Əlaəddin hadisəni çox müvəffəqiyyətlə təşkil etdilər. Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. Oğlu Məlikşah ilə bərabər Toğrul sarayında həbs olunmuşdur. Əlahəzrətin mühakiməsindən qaçanlar son nəfərinə qədər ələ keçirilmişdir. Həbsdə olanların sayı beş yüz nəfərdən artıqdır. Paytaxtda sakitlikdir. Əlahəzrətin əmrinə müntəzirik”. Qızıl Arslan Şəmsəddinin məktubunu alan kimi təcili surətdə Şimali Azərbaycana qasid göndərib vəliəhdi Təbrizə çağırdı və bir həftədən sonra hazırlıq görüb az bir miqdar qoşunla Həmədana tərəf yola düşdü. Vaxt ikən verilən əmrə görə məmləkətin hər tərəfindən Həmədana nümayəndələr dəvət edilmişdi. Qızıl Arslan Həmədana gələndən bir gün sonra məmləkətə təzə padşah təyin etmək üçün müşavirə iclas çağırıldı. Qızıl Asrlan müşavirədə çıxışda bulunaraq dedi: “Mən öz paytaxtımı Təbrizdən Həmədana köçürməyəcəyəm. Bu təşəbbüs məmləkətin gələcəyi üçün olduqca zərərlidir. Çünki hökümətimiz Azərbaycan hökumətidir. Lakin Həmədanın əhəmiyyəti də nəzərdən kənar tutulmamalıdır. Çünki burası Bağdadın qapısıdır. Buna görə də mən padşahlığa Süleyman şahın oğlu Sənceri təklif edirəm”. Müşavirədə iştirak edənlərin hamısı bu təklifə etiraz etdi, onlar bir səslə padşahlığa Qızıl Arslanın təyin edilməsini təklif elədilər. Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. Bu fikri iraqlılar da təqdir edirdi, çünki onlar Qızıl Arslanı, o, Təbrizdə olduqca məhv edə bilməyəcəkdilər. Onu daima azərbaycanlılar müdafiə edəcək və qalib çıxaracaqdılar. Buna görə də xəlifə onu Bağdadın qapısına gətirməyi və lazımi vaxtında edam etdirməyi düşürdü. Xəlifə, Qətibənin Qızıl Arslan əleyhinə düzəltmək istədiyi təzə macəranı bilməmiş deyildi. Qızıl Arslan da məsələnin bu tərəfini çox aydın bir surətdə anlayırdı. Lakin buna baxmayaraq əksəriyyətin qərarından boyun qaçırmaq istəmədi və Azərbaycan, İraq, Fars və Rey taxt-tacını qəbul etdi. Məmləkətlərə qasidlər, fərmanlar göndərilib Qızıl Arslanın padşahlığı xəbər verildi. Qızıl Arslan iki gündən sonra qardaşı Toğrula yoluxmaq üçün Toğrul sarayına getdi. Qızıl Arslan Toğrulun otağına girdiyi zaman Toğrul pəncərənin arasında oturub oğlu Məlikşaha Nizami şerinin məzmununu oxuyub deyirdi: “Qalx, bu günlərə vida elə, dünya bir tələdir, o sənin ətəklərinə ilişmişdir. Bacardıqca bu tələni özündən rədd etməyə çalış. Özün üçün elə bir məmləkət düzəlt ki, hazırda yaşadığın məmləkətdən rahat və yaxşı olsun. Çalışıb bir yaxşı hücrə tapıb qapısını aç. Pəhrizkar ürəklər bu qara torpaqdan nə üçün durulmuş və təmiz su axtarırlar... Üstündən ağır geyimi at! Yüngül paltar geyin, çünki yüngül libas geyənlər mənzil başına daha tez çata bilərlər. Madam ki, sən bir parça tələdən ibarət olan dünyaya bağlısan, o zaman quyuya düşməmək üçün ayıq olmalısan. Bu dünya bir-birinə bağlanmış olan mim hərfinə bənzər, bunu iki tərəfə bölmək yaramaz. Burada qədəm qoyduğun yeri öyrənməlisən. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy! Məncə bu sel yumuş otağa əlavə bir qapı açmaq lazımdır. O zaman lazımi vaxtda çıxıb qaçmaq o qədər çətin olmaz. İnsan gərək tülküdən də dərs alsın. O, öz heyvanlığı ilə heç bir zaman bir deşiyi olan yuvada yaşamaz, onun yuvasında iki deşik olmalıdır. O, köpəyin səsini eşidəndən bəri daima iki deşikli yuvada yaşayar. İş görmək nəzər sahiblərinə yaraşır. Xəbərsizlərin, ruzigarın törətdiyi hadisələrdən nə qəmi ola bilər?! Bir daha sərxoş olub yatma, çünki sənin pusqunda duranlar vardır. Bu ruzigar sənin qatı düşmənidir. Onun dostluğundan əl çək! Bu yolda mənəmlik edən hər kəs sənin və mənim əleyhimə yol vuranlıq vəzifələrini bitirir”. Toğrul Qızıl Arslanı görən kimi kağızı əlindən yerə buraxıb, acıqla Qızıl Arslana baxıb dedi: – İndi ürəyin təskinlik tapdımı? Bütün ömrümdə mənə rahatlıq vermədiyin bəs olmadımı? İndi məni nökərlərin vasitəsilə təhqir etdirib həbsə aldırdın. Qızıl Arslan da Toğrulun cavabında: – Qardaşım, yaxşı düşün, bir tək sənin əsirliyin milyonlarca xalqın azadlığıdır, – dedikdə, Toğrul onun üzünə istehza ilə baxaraq əlavə etdi: – Mən əsirlik ilə qurtardım, lakin sən ölüm ilə qurtaracaqsan. Çünki sən ölümə evlənmək üçün hazırlanırsan. – Sən bu fikirləri başından həmişəlik çıxar! Mən ona evlənməyəcəyəm. Mən bir fitnəçini, bir də avam və yazığı bir-birindən ayırmaq üçün Qətibəni Təbrizə aparmışam. İndi, de görüm, nəyə ehtiyacın vardır? – Mənim ehtiyacımı təmin edən şeylərin hamısı sənin özünə lazımdır. – Padşahlıq sənə haramdır, çünki sən xalqı və məmləkəti idarə edə bilmədin. Yaxşı çoban deyilsən, qoyunları qurdların arasında paylaşdırmağa başladın, qapını açıb oğruları içəri buraxdın. Öz yaşadığın evi qonşulara bağışlamaq istədin. İnəyi özgəyə sağdırmağı düşündün. Buna görə də səni çobanlıqdan, bağbanlıqdan və xanə sahibliyindən götürdülər. – Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur. Lakin hazırda nə at var, nə də pəhləvan qalır. Sən də bu yəhərin üstündə bir az otur. Lakin tezliklə düşəcəksən. Bunların hamısı keçib gedər, sən də keçib gedəcəksən. Lakin nə qədər ki, hökumət sənin əlindədir, mənim ailəmin rahatını pozma, onların heç bir təqsiri yoxdur. Qızıl Arslan onun üzündən öpdü: – Anamın oğlu, o barədə heç də düşünmə. Sənin ailən Eldəniz xanədanının ailəsinin möhtərəm nəfərləridir. Onların rahatını ancaq sənin özün pozurdun. Səninlə son dəfə görüşmək üçün gəldim. Sən mənim anamın oğlusan, elə düşünmə ki, mən padşahlıq üçün səni incitdim. Bütün ömrümdə səni bu gündə görməkdən də ağır və acı dəqiqələr olmamışdır. Lakin buna məcbur idim. Hazırda səni və oğlun Məlikşahı Kəhran qalasına köçürməyə əmr vermişəm. Rahatlığımızın təmin olunması üçün orada hər bir hazırlıq görülmüşdür. İndi də görüm yaran necədir? Toğrul qəmgin və ümidsiz bir vəziyyətlə cavab verdi: – Yaralar sağalar, sağalmayan yaralar başqa yaradır. – O fikirlərin hamısını bir tərəfə buraxıb öz rahatlığına çalış, sənin və mənim yeganə bir vəzifəmiz vardır ki, o da bundan ibarətdir: Qoy Azərbaycan xalqı gələcəkdə bizi satqınlıqda töhmətləndirməsin. Qoy xalq deməsin ki, Eldəniz xanədanı bizi həm özü soydu, həm də başqalarına soydurdu. Sən gələcəyin bu lənətlərini qazandın. Elə bilmə ki, sənin bu tarixi bədbəxtliyin məni acışdırmır. Mən səni cəzalandırmadığım üçün tarixi bir xəyanət edirəm, çünki səni xalqın mühakiməsinə verməli idim. Sən öz günahlarını xatırlayıb onları vicdan tərəzisinə qoysaydın, öz əlinlə kəndiri götürüb öz boğazına salardın. Sən şöhrət və mərtəbə əsiri olan əxlaqsız bir qadınla birləşib öz qardaşını, Atabəy Məhəmməd kimi Şərqin məşhur bir şəxsiyyətini öldürdün. Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın. Bu sözlərdən sonra Toğrul heç bir söz demədi, başını aşağı salıb ağladı. Qızıl Arslan da ayağa qalxıb qabaqca Toğrulun, sonra da Məlikşahın üzündən öpüb otaqdan çıxdı. * * * Eşqnamə “O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”. Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi. Azərbaycan xalqı Hüsaməddinə Atabəy Məhəmmədin qatili kimi baxır və onun hökumət işlərində iştirak etməsinə etiraz edirdi. Çünki Hüsaməddin düşmən ordusu ilə bərabər bir neçə dəfə Azərbaycan üzərinə hücum etmişdi. Buna görə də Qətibə bu məsələni aralığa atdığı zaman Qızıl Arslan: – Məmləkət xalqın iradəsilə idarə olunmalıdır, – deyirdi. Günlərin birində Qətibə bu tələbatı bir daha aralığa atdığı zaman Qızıl Arslan qəti surətdə rədd cavabı verib dedi: – Məmləkətin, xalqın səadəti hər nəyi tələb edirsə onu da həyata keçirəcəyəm, hökmdarlığın qanunu nəyi tələb edirsə, ona xalqı da, özümü də, sizi də itaət etməyə məcbur edəcəyəm. Mən heç bir zaman Fəxrəddin kimi bir qəhrəmanı işdən götürüb yerinə Hüsaməddini təyin edə bilmərəm. Bu xəyanəti heç bir zaman həyata keçirə bilməyəcəyəm. Siz bilirsiniz ki, məmləkəti Toğrulun yaratdığı təhlükədən qurtaran Fəxrəddindir. Siz bilirsiniz ki, Fəxrəddinlər olmasaydı, Hüsaməddinlər çoxdan bəri bu məmləkəti satmışdı. Bu taxt və bu tacı indiyə qədər Eldəniz xanədanı əlində saxlatdıran Fəxrəddindir və onun mənsub olduğu böyük xalqdır. Biz azərbaycanlıların məhəbbət və sədaqətləri sayəsində İraq, Rey və Fars məmləkətlərini idarə edirik. Buna görə də mənim yanımda Fəxrəddin əleyhinə danışmaq üçün heç bir kəsə icazə vermirəm. Qızıl Arslanın qəti etirazına baxmayaraq, Qətibə yenə də öz tələbində davam edib deyirdi: – Mən heç bir zaman atamın qatili ilə bir yerdə, bir məmləkətdə və bir şəhərdə yaşaya bilmərəm! Qızıl Arslan Qətibənin cavabında: – Nə etmək olar? Bu hökumət işidir. Məcburi olaraq mən də qardaşımın qatilləri ilə üz-üzə oturmaqdayam, – dediyi zaman Qətibə daha bir söz demədi, o artıq aldandığını və Qızıl Arslanın ona evlənməyəcəyini yəqin etdi. Nəhayət, Qızıl Arslanın vəliəhd təyin etdiyi Əbubəkri və Qızıl Arslanın özünü məhv etmək qərarına gəldi. Çünki bunların hər ikisi məhv olmadan onun oğlu Qütlüğ İnancın hökmdarlığa yetişə biləcəyi mümkün deyildi. Buna görə də o, gənc vəliəhdə məhəbbət və hörmət göstərməyə başladı və öz kiçik bacısı Təliəni bu məqsəd ətrafında istifadə etməyə qərar verdi. Çünki o, gənc vəliəhdin gözəl Təliə ilə maraqlandığını bilirdi. Qətibə vəliəhd yaşayan sarayda yaşadığı üçün onun kiçik bacısı vəliəhd ilə çox tez-tez görüşürdü. Bundan başqa Qətibə özünü gənc vəliəhdə bir doğma ana kimi tanıtmağa və onu sevməyə başlamışdı. O daima gənc vəliəhdin üzündən öpərək: – Ağıllı, fərasətli oğlum, gələcəkdə tac-taxtın möhkəm olması və Eldəniz xanədanının sənin şəxsində davam etməsi üçün anan bütün varlığı ilə çalışacaqdır – deyirdi. Məmləkətin hüdudlarında baş vermiş təhlükələrin təsviyə olunması üçün xanədanımızın bütün üzvlərinin əlbir işləməsi lazım gəlirdi. Mənim Həmədandan Təbrizə yığışmağımın səbəbi budur. Bədbəxt anan artıq öz şəxsi zövqlərini təmin etmək üçün yox, xalqın və xanədanımızın şərəfini təmin etmək üçün yaşamaqdadır. Qətibə Təbrizdə yaşadığı zaman vaxtının bir çoxunu vəliəhdin rahətini təmin işlərinə sərf edirdi. Hər saat onun səhhətini soruşur, sarayının intizamını yoxlayır, xidmətçilərin kimliyi və təmizliyini nəzərdən keçirir, onun yeməklərinin keyfiyyətini təftiş edir və oğlunun qeydinə qalan bir ana kimi hərəkət edirdi. Bu qərarla Qətibə, vəliəhdi öz məhəbbətinə inandırmışdı, oğulluq və analıq münasibətini bərpa edə bilmişdi. Təliə isə daima gənc Əbubəkri gördüyü zaman rəngi qızarır, utanır və gözünün guşəsilə ona baxırdı. Təliə bir çox təsadüflərdə Əbubəkrin ona diqqət verib-vermədiyini də öyrənməyə çalışırdı. Bu hadisə Qətibəni də maraqlandırırdı. İki gəncin bir-birinə daha sıxı olaraq yaxınlaşması Qətibə üçün əsas məqsədi təşkil edirdi. Buna görə də Əbubəkr ilə Təliə bir yerdə olduğu zaman Qətibə bir işi bəhanə edərək, otaqdan çıxır və onları yalqız buraxmağa tələsirdi. Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi. Qətibə həmişəki adət üzrə onları bir yerdə buraxıb çıxdı. Onlar yarım saata qədər sakit oturub qaldılar, bir-birinə deyəcəkləri sözləri çöhrələrinin rəngindən, qaşlarının çatışmasından, dodaqlarının titrəyişindən, göz bəbəklərinin bir mərkəzdə qərar tuta bilməməsindən, boyun damarlarının hərəkətindən və ürək çırpıntılarından oxumaq olurdu. Hər ikisi söhbət üçün mövzu deyil, zəminə axtarırdı, çünki onlar bu günə qədər bir kəlmə də olsa danışmamışdılar. Bir-birlərinə deyəcəkləri sözləri aylardan bəri əzbərləmişdilər. Ortalığa atılacaq arzular böyük həcmli bir eşqnaməni təşkil edirdi. Onlar bu kitabın hansı vərəqindən oxumağı təyin etmək üzərində düşünürdülər. Təliə işsiz oturmuşdu, lakin vəliəhd işsiz deyildi. O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. Onları bir-bir sınaqdan keçirməkdə idi. Lakin kamanların heç birisi onun qolunun qüvvətli qarşısında davam etməyərək əyilir və qırılırdı. O, çox qüvvətli bir gənc idi, atası Cahan pəhləvan və anası Gözəldən mənimsədiyi pəhləvanlıq mirası onu gənc ikən şöhrətləndirmişdi. Buna görə də onlarca kamanı əyib, sındırıb bir tərəfə buraxdı. Təliə bu mənzərəni yoxladığı zaman birdər-birə söhbət üçün zəminə əldə edərək soruşdu: – Deyin görüm, siz hər bir kamanı sındıra bilərsinizmi? Bu sual vəliəhd üçün gözlənilməz bir hadisə kimi idi, o bu sualdan şadlandı, çünki bununla o, aylardan bəri başlamaq istədiyi söhbətlər üçün giriş təşkil edirdi. Bu qədər sevincli sualdan sonra Təliənin qızarmış çöhrəsinə baxıb cavab verdi: – Bəli, mən hər bir kamanı sındıra bilərəm. Lakin hələlik mənim sındıra bilmədiyim başqa bir kaman vardır ki, aylardan bəri onun ətrafında düşünürəm. – Siz onu sındıra bilməyəcəyinizi yəqin bilirsinizmi? – Onu mənim özüm də bilirəm, hətta başqaları da bilir. Təliə bir az düşünərək soruşdu: – Əcəba, bunu hər bir kəs bildiyi halda, mən də üçün bilmirəm? Əbubəkr bu sualın cavabında: – Balaca xanımın özü qüvvətli kamana malik olduğu halda nə üçün də bilməsin? – dedi. Təliənin çöhrəsi qızıl gül yarpağı kimi qızardı. Bu söz ona çox qəribə gəldi. O, bu müəmmadan ibarət olan sözün açarını tapa bilmək üzərində çox düşündü və sualverici bir nəzərlə vəliəhdin üzünə baxıb soruşdu: Malik olduğum hansı bir kamandan danışırsınız? Onu açıq deyə bilməzsinizmi? – Qəlbinizi oxuya bilsəydim, onun nə kimi bir kaman olduğunu deyə bilərdim. – Hərgah mən qəlbimdə olanları özüm sizə oxuyarsam, siz o kamanı mənim üçün izah edə bilərsinizmi? – Mən o kamanı sizə izah edərsəm, başqasına xəbər verməzsiniz ki? – Hərgah söhbət bir şəxsiyyətə aiddirsə, onu başqasına xəbər verməyin nə mənası vardır? – Bacınıza danışmazsınız ki? – Əlbəttə ki, danışmaram. Təliə bu sözü deyəndən sonra başını aşağı dikib daha danışmadı, vəliəhd isə sükutu pozub soruşdu: – Başqasına xəbər verməyəcəyin üçün and içə bilərsənmi? – Mən nəyə and içim ki, vəliəhd inansın? – Sevdiyin əziz bir şeyə and iç! – Sevdiyim şeylər çoxdur, hansı birisinə and içim? – Sevdiyim şeyləri qəlbinin tərəzisində ölç, hansı birisi ağır və qiymətlidirsə ona da and iç! – Siz dediyiniz üsul çox uzun çəkər, çünki insanların sevdiyi şeylər özlərinin arzuları qədər həddsizdir. Xüsusən gəncliyin arzuları göydəki ulduzlar qədər sayılmaz və ölçüyə yerləşməzdir. Elə birisi sizin özünüz, bunu bacara bilərsinizmi? – Mən bunu bacara bilərəm. Mən bir anda bunu təyin edərəm, çünki çox sıxı və səmimi sevdiyim şeylər birinci cərgədə durur. Hazırda Təliə xanım öz sevdiyi şeyləri bir-bir saymış olsaydı, mən dərhal hansı bir şeyi qəlbən sevdiyini ona xəbər verərdim. Hərgah kiçik xanım buna inanmırsa, sevdiklərini saymağa başlasın. Təliə: – Çox gözəl, dinləyin sevdiklərimi sayım. Bacımı çox sevirəm. Çünki mən atamdan sonra doğulmuşam, körpə ikən anam da ölmüşdür, məni bacım böyüdüb tərbiyə etdirmişdir. O həm bacımdır, həm də mənə analıq etmişdir. Bundan sonra Qızıl Arslanı sevirəm, o bizim vəliyül nemətimizdir. Qütlüğ İnancı da sevirəm, o da dünyada mənim bacımın yeganə ümididir. Bir də ki... Təliə sözünü yarımçıq qoydu, utandı, əllərini dizləri üstünə qoyub sakit-sakit baxdı, arabir göz qapaqlarını qaldırıb gözünün guşəsilə vəliəhdə nəzər saldı. Heç şübhə yoxdu ki, o, vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. Buna görə də vəliəhd ona sual verdi: – Haman o, “bir də” dediyin sözün kölgəsində gizlənən ada and içə bilərsənmi? – And içə bilərəm. – Bacına xəbər verməyəcəyin üçün haman ada and içsən, mən də sənin bilmədiyin və mənim də sındıra bilməyəcəyim kamanın nə kimi bir kaman olduğunu sənə deyə bilərəm. – Sizin canınıza and içirəm ki, mən bacıma xəbər verməyəcəyəm. İndi deyin görüm, o qüvvətli qolların gücü düşməyən hansı bir kamandır. Vəliəhd bir az düşünərək: – Gözəl Təliə, dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır, – dedi. Vəliəhdin bu sözlərindən, Təliə bir daha qaşlarını dartaraq Əbubəkrin üzünə əyri-əyri baxdı, çünki o, vəliəhddən belə bir sözü ilk dəfə idi ki, eşidirdi. Xüsusən Qətibənin vəliəhdə tez-tez “oğlum” deməsi də Təliənin vəliəhdin dediyi sözdən səksənməsinə səbəb oldu. Həm də Qətibə onun anası sayıldığı üçün Təliə də onun xalası hesab olunurdu ki, bununla da bacı oğlundan eşq-məhəbbətə dair eşidilən sözlər bir gənc xalanı heyrətə gətirməyə bilməzdi. Buna görə də Təliə utanaraq qalxıb otaqdan çıxmaq istədi, lakin o buna cəsarət etmirdi, o, vəliəhdi tək buraxıb nümayişkaranə bir surətdə getməyin nəzakətsizlik olduğunu zənn edirdi. Tərəddüdlər içərisində idi, qalxıb getsinmi? Otursunmu? Bu barədə bir qərara gələ bilmirdi. Vəliəhdə gəldikdə gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü, Təliəyə elan-eşq etdiyindən peşiman olmuşdu, lakin bu həyəcanı sezdirməyərək, kamanları yerdən götürüb öz gücünü sınayır və ara-sıra gözünün ucu ilə Təliəyə baxırdı. Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq vəliəhdə göz qoyurdu. Artıq o, ən adi bir kamanı belə əyib sındıra bilmirdi. Onun qollarının müqavimətı önündə adi kamanları yox, Təliənin kaman qaşlarını hiss edərək, titrəyir və təslim olurdu. Təliə birdən-birə qalxdı və çıxıb getmək istərkən vəliəhd titrək və yalvarıcı bir səslə onu hayladı. – Kiçik xanım dayan! Mənimlə bərabər bir otaqda olmağı istəmirsənsə, onda otur, mən çıxıb gedə bilərəm. Vəliəhd bu sözü dedikdən sonra yorğun bir baxışla əlindəki kamanı gözdən keçirib yerə atdı, papağını götürüb otaqdan çıxmaq istərkən Təliə onu səslədi: – Dayan, vəliəhd, dayan! Vəliəhd ona yaxınlaşaraq: – Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. Bizim ikimizdən birimiz bu otaqdan çıxmalıyıq, – dedikdə, Təliə onun əlindən tutaraq yalvardı: – Yox, rica edirəm, dayanın! Buradan qəfildən çıxıb getməyiniz, bacımda şübhələr oyandıra bilər. – Bir kəsə deməyəcəyin üçün and içdiyini unutmadın ki? – Sən anda inanırsanmı? – Əlbəttə, hər anda və hər kəsin andına inanmaq olmaz, çünki bəzən andlar yalanları doğrultmaq, bəzən də həqiqəti pərdələmək məqsədlərinə xidmət edir. – Sən özün necə, həqiqəti pərdələmək məqsədilə and içənləri sevirsənmi? – Xeyr gözəl qız, mən həqiqəti pərdələmək üçün and içənləri sevə bilmərəm. – Bəs nə üçün həqiqəti gizləmək üçün bir qızı and içməyə məcbur edirsiniz? Özü də bir məmləkətin vəliəhdinəmi? Söhbət çox uzun çəkdi, vəliəhd önündəki kamanları bir neçə dəfə sınamışdı, Təliəyə gəldikdə öz qəlbində: – “Gedimmi, oturummu?” sözlərini əzbərləyirdi, çöhrəsinin rəngi tez-tez dəyişir, vücudu isə külək qarşısında gənc sərv ağacı kimi titrəməkdə idi. Çünki o, birinci dəfə idi ki, gənc bir oğlanla qarşı-qarşıya gələrək belə bir mövzu üzərində danışırdı. Buna görə də o, hazırı və keçmişi tamamilə unutmuşdu, o, ancaq gələcəyin ucsuz-bucaqsız olan səhralarında yorturdu. Qətibə qəfildən otağa daxil oldu, Təliə özünü ələ almaq istərkən bacarmadı, qorxusundanmı, utandığındanmı həyəcanı bir daha artdı. Qətibə Təliənin üzünə diqqətlə baxırdı, onun bütün görünüşü fikrində bir dəyişiklik yaradıldığını oxuyurdu. Vəliəhdin çöhrəsində də eyni mündəricəni oxumaq mümkün idi. Təliə qupquru quruyub ayaq üstündə durmuşdu, vəliəhd isə Qətibəyə müraciətlə: – Mələkə, mən məşq meydanına getməliyəm, – deyərək otaqdan çıxdı. Təliə olduğu yerində buzlayıb durmuşdu. Qətibənin nə deyəcəyinə müntəzir idi. Nəhayət, Qətibə Təliənin yaxınlığına gəlib saçlarını oxşadı və dedi: – Dünyanın hər işi belədir. Həyatın başlanğıcında daima bir çətinlik vardır. Bəzən o çətinliklər çox uzun bir müddət davam edir. Lakin təzə həyat qurmaq istəyənlər, çətinliyi çox tez və asanlıqla rədd etmək üçün sənətkar olmalıdır. Qızlar da, oğlanlar da öz həyatını qurmaq işində mahir bir sənətkar olmalıdırlar. Hər iş və hər şey belədir. Sənə vəsiyyət edirəm: ağıllı adamlar qələbəni işin axırında yox, başlanğıcında əldə etməlidir. Qələbələr əvvəlcə təmin edilmədən bir müharibəni başlamaq və yainki böyük bir əsəri yaratmağa başlamaq ağılsızlıqdır. Sevgi də, təzə ailə qurmaq işi də bura daxildir. Onları möhkəm bir əsas üzərində qurmağa çalışmaq lazımdır. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır, çünki bunu mən öz həyatımda da təcrübədən keçirmişəm. Bir qızın səadətini yalnız öz gözəlliyi təmin edə bilməz. Kişi gözləri o qədər şüursuz, o qədər dəlidir ki, o, dünyanın nadir bir gözəlini ən çirkin bir qadınla əvəz edə bilər. Bəzən bacarıqlı çirkin bacarıqsız gözəldən daha xoşbəxt yaşaya bilər. Gözəl bacım! Kişilərlə həyat qurmaq üçün şahmat taxtasının qəhrəmanı olmaq lazım gəlir. Həyat və ailə sənətkarı olmayan bir qızın gözəlliyi bir parça kağız və yaxud bir arşın kətan üzərində çəkilən rəsmdən heç də fərqli deyildir. Qız gözəl olmaqla bərabər bir ovçu qədər də həssas olmalıdır. Kişilərin qadınlar haqqındakı düşüncəsi bir bahar kələbəyinin şüurundan çox da irəli gedə bilməmişdir. Kələbək bir çiçəyin üzərində dayanmağa adət etmədiyi kimi, kişilər də bir qadının eşqində və bir qızın sevgisində əbədi olaraq durmağı sevməzlər, çünki adət və təbiətləri bunun əleyhinədir. Mən yenə də bunları öz həyatımda təcrübədən keçirdim. Qızların və qadınların birinci vəzifəsi kişini öyrənməkdən ibarətdir. Onun zövqünün qadından nə tələb etdiyini, gözəllikdə nəyi və nə kimi xüsusiyyətləri sevdiyini təyin etmək lazımdır. Onlar kişi olsalar da xasiyyətləri bir şıltaqçı qızdan daha qabadır. Buna görə də onları bir ev quşu kimi əhliyyətə almağı və həyata öyrətməyi bacarmalıyıq. Əsas məsələ kişinin mənəmliyini sındırmağı bacarmaqdadır, çünki həyatın doğru yol ilə getməsinə mane törədən əsas cəhət kişinin və qadının inadından ibarətdir. Bunu da mən öz həyatımda təcrübədən keçirdim. Mənim ərimdə hökmdarlığın qətiyyəti, məndə isə qızlığın barışmaz bir inadı var idi, haman inad bu günə qədər mənim həyatımı çeynəməkdədir. Kişinin xasiyyətini, baxışını və düşüncəsini dəyişmək lazımdır. Ona dediyini deyil, sən öz sevdiyini yedirməlisən. Mən həyatımda səhv etdim. Lakin indi-indi düşünürəm ki, qadın, yəni bacarıqlı qadın, kişisinə kişinin libası kimi deyil, kişinin bədəninin dərisi kimi sarılmalı və aşılanmalıdır. Kişini öyrətmək üçün nə qədər vaxt sərf etmək lazımdırsa, iki o qədər də kişini öyrənmək lazımdır. Qızlar gənclərin fikrinə öz rəngini və öz boyasını aşılanmalıdır. Onlar sevdikləri zaman bir körpə qədər şüursuzdurlar. Körpəlikdə isə insana hər bir şeyi öyrətmək mümkündür. Sevgi insan fikrini dəyişmək üçün ən mahir bir müəllim kimidir. Təəssüflər olsun ki, mən bunu gənclik fəslinin sonunda təyin edə bildim. Ailə quruluşunun dərs kitablarını qadının özü yazmalıdır. Mən indi anlayıram ki, qadınlar kişiləri öz bildikləri, öz istədikləri qədər qura bildikləri, öz istədikləri qədər qura bildikdən sonra xoşbəxt həyat qura biləcəkdilər. İndi də sənə sevgidən bir az deməliyəm ki, ağıllı qızın şüurunda məqsəd sevgidən daha irəlidə getməlidir. Sevginin özü müstəqil bir şey deyil, o müəyyən məqsədi tamamlamaq üçün bir vasitədir. Mənim nə dediyimi anla, müəyyən bir məqsədi əldə etmək və müəyyən bir arzuya nail olmaq üçün bir kişi ilə sevgisiz də yaşamaq mümkündür. Mənim özüm də bu baxışla ərə getdim, lakin kişinin varlığını bilmək işində savadsız olduğum üçün nə sevgidən, nə də məqsəddən istifadə edə bilmədim, mən qızlıq zamanında sevgi ilə məqsədin bir-birisini əvəz edə biləcəyini anlamadım. Sevgi insanı bir-birinə bitişdirə biləcək qısa bir dövr üçün lazımdır. O heç bir zaman həmişəlik olmamışdır. Sevgini həmişəlik daşımaq iddiasında olanlar adətlə sevgiyə fərq qoymayanlardır. Çünki sevgi elə təhəmmül edilməyəcək bir şeydir ki, insan ancaq gəncliyin sərxoşluğu dövründə ona təhəmmül edə bilər. Gəncliyin sərxoş günlərini xatırladığım zaman özüm də o tarixə gülürəm. Mən indi-indi bilirəm ki, məqsədsiz sevgi körpə sevgidir. O kimi sevgilərdən qaçmaq lazımdır. Təliə üçün bu söhbətlərin hamısı yabançı idi. Onun qızlıq düşüncəsi Qətibənin dediyi fəlsəfələrdən çox uzaq idi, çünki gəncliyin özünə məxsus bir fəlsəfəsi vardır ki, o da yaşlıların mədəsi və şüuru üçün yabançıdır. Buna görə də Qətibənin ortalığa tökdüyü fikirlər Təliəni heyrətə salmağı bacarmazdı. Qətibə danışdıqca Təliə də fikirli nəzərlərlə Qətibənin üzünə baxırdı, Qətibə bunu dərhal hiss etdi və öz fikrini izah etməyə başladı: – Birdəfəlik iqbalımızı bunların iqbalına aşılamışıq, bu xanədanın bir əldə olması yaxşıdır. Buna görə də vəliəhdin səninlə olan yaxın tanışlığına müəyyən bir şəkil verməlisən. Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... Böyük bacınam, deyə, utanma. Səni körpəlikdən mən tərbiyə etmişəm. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. İndi mənə de görüm vəliəhd ilə nə kimi məsələlər barəsində danışırdınız? Təliə cavab verə bilmədi. O, birinci andını sındırmayacağına qərar vermişdi, lakin Qətibənin sualını cavabsız qoymamaq üçün: – Vəliəhd ilə heç bir məsələ barəsində danışmırdıq, – dedi. Qətibə Təliədə bir sirr gizləndiyini dərhal anladı və bu sirri başqasına xəbər verməmək üçün vəliəhdə söz verdiyini hiss etdi. Lakin buna acığı gəlmədi, çünki Təliənin vəliəhd ilə tanış olub və anlaşması Qətibəni təmin edirdi. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. Qətibə qəlbində danışır və deyirdi: “Bu söhbətləri bir sevgi ilə nəticələndirmək mənim əlimdən çox da çətin deyildir”. Qətibə bir daha Təliəyə müraciət elan etdi: – Sevmək eyib deyil, ixtiyarı vaxtından əvvəl əldən buraxmaq eyibdir. Mən ona göz qoymuşam, o səni sevir, bu məhəbbətlər ögey anaya olan oğulluq məhəbbəti deyil, o məhəbbətlər sənə yaxınlaşmaq üçün yaxın bir yol aramaqdan ibarətdir. Ağlını başında topla, onu tutub bağlayan bir ana məhəbbəti yox, sənin qara və qıvrım saçlarındır. O sənin məhbusundur, sən öz əsirinlə nə kimi rəftar etməyi bacarmalısan. Sənə qəti olaraq tapşırıram, onu bir neçə ay bu vəziyyətdə saxlamaq lazımdır. Bu müddətdə aldığın təcrübələr gələcəkdə sənin üçün əsas bir hərəkət xətti təşkil edəcəkdir. Qətibə bunları sadaladıqca, Təliə də qəlbində vəliəhdin dediyi: “Gözəl Təliə! Dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır” cümləsini əzbərləyir və sakit-sakit baxırdı. O, yenə də qəlbində öz-özünə sual verirdi: “Əcəba, bu cümlənin içərisində bir sevgi ifadəsi vardırmı? Hərgah vardırsa, bu mənim üçün bəsdir. Lakin bilmirəm, nə üçün o, öz sevgisini gizlətməyə çalışır? Nə üçün bacıma xəbər verməmək üçün məni and içməyə məcbur edir?” Təliə qəlbində bir çox dəqiqələr götür-qoy edəndən sonra əlavə etdi: “O nə fikirdə olursa olsun, lakin mən bacımın dediklərinə əməl edə bilməyəcəyəm. Onun fikirləri xoşuma gəlmir, onun nəsihətləri sağlam fikirlərdən doğmuş nəsihətlər deyil. Hərgah vəliəhdin məni sevdiyini bilsəydim, bacımın verdiyi nəsihətlərin hamısını bir tərəfə atıb özüm istədiyim kimi tamamilə başqa bir qadın olmağa çalışardım. Hətta bütün düşündüklərimi vəliəhd ilə məşləhətləşərdim. Mən onu özümdən razı salmaq üçün hər işi bacarardım, nə inad, nə də şıltaqlığa yol verməzdim. * * * Onlar bir-birini sevir. Buna haqlıdırlar. Vəliəhdin də, Təliənin də evlənmək vaxtlarıdır. Bunları birləşdirmək və yainki bir-birlərindən ayırmaq lazımdır. Hərgah hökmdar öz qardaşı oğlunun İnanc ailəsindən qız almasına razılıq verirsə, mən də bundan qəlbən razı qalardım. Çünki bu iki gəncin sevgiləri olduqca saf və səmimidir. Zənn edirəm ki, hökmdarın özü də bu sevgidən xəbərdardır. Buna görə də əlahəzrətin fikrini bilmək istərdim. Hərgah bu iş baş tutmayacaq bir işdirsə, o zaman qızı ayırıb Bağdada göndərmək lazımdır. Çünki ikisinin bir yerdə yaşaması adətə uyğun deyildir. Qızıl Arslan Qətibəni dinləyərək bir az fikrə getdi. O, Qətibənin bu fikrin kölgəsində düzəltmək istədiyi xəyanətdən xəbərdar deyildi. Buna görə Qızıl Arslan bu izdivacın baş tutmasını bir neçə səbəblərdən əlverişli bilirdi. Əvvəla, vəliəhd Qətibənin bacısına evləndiyi zaman, Qətibə öz oğlu Qütlüğü vəliəhd təyin etmək arzularından daşına bilərdi. İkinci səbəb daha mühüm idi. Çünki Qətibə yenidən Eldəniz ailəsinə aşılandığı üçün özünün Qızıl Arslana ərə getmək arzularından daşına bilərdi. Çünki Qətibə hələlik bu ağılsız fikrindən daşınmamışdı, yeri gəldikcə yenə də öz arzularını meydana sürüdü. Qızıl Arslanı bu izdivacdan razı salacaq üçüncü səbəb Təliənin ağıllı, ədəbli, elmli və həddindən artıq gözəl olması idi. Qızıl Arslan Təliənin xasiyyət və tərbiyəcə Qətibəyə bənzəməməsindən olduqca razı idi. Buna görə də Qətibənin fikrinə cavab verərək dedi: – Mən qadınların ruhunu və onların sevgilərinin mündərəcəsini öyrənmək işində çox savadsızam. Rəhmətlik qardaşım deyərdi ki: “Qadının ruhunu öyrənmək üçün ancaq qadın ruhu daşımaq lazımdır”. Buna görə də mələkənin özü yeri gələrkən Təliə xanımın özü ilə danışmalıdır. Onun sevgisinin mahiyyəti və mündərəcəsini öyrənməlidir. Çünki məni bir məsələ çox qorxuludur. Bir yerdə böyümüş oğlanla qazın ailə quruluşu bəzən həmişəlik ola bilmir, belələri çox tez ayrılırlar. Vəliəhd ilə Təliə də çoxdan bəri bir yerdə yaşayırlar. Bilmirəm mələkənin özü bu cəhətləri nəzərə almışdırmı? Siz qızı çox diqqətlə danışdırmalısınız, mən özüm də vəliəhdin fikrini öyrənməliyəm. Qətibə Qızıl Arslanın bu təklifilə razılaşdı. Təliəni çağırıb danışdırmaq üçün Qızıl Arslana söz verdi və Təliəni görmək üçün getdi. Qızıl Arslan da oturub bu məsələ üzərində fikirləşirdi, həm də vəliəhdi gözləyirdi. Çünki vəliəhd Şimali Azərbaycanın vəziyyəti barəsində məlumat məruzəsi vermək üçün hökmdarın hüzuruna gəlməli idi. Vəliəhd Azərbaycandan qayıdandan bəri məmləkətin vəziyyəti haqqında öz fikrini təfsilən danışmamışdı. Bir azdan sonra vəliəhd gəldi, təzim edib Qızıl Arslanın əlini öpdü və geri çəkildi. Qızıl Arslan fikirli bir surətdə vəliəhdin üzünə baxıb: – Oğlum, gəl otur! – dedi. Vəliəhd gəlib özünə məxsus yerində oturdu, hökmdarın əmrini gözlədi. Qızıl Arslan vəliəhdə vermək istədiyi sualları yazıb qarşısına qoymuşdu. Vəliəhd çox həyəcanlı idi, çünki o birinci dəfə məruzə etdiyi üçün qəlbi çırpınır və utanırdı, o, sözlərini haradan başlayıb, harada bitirəcəyini təyin edə bilmirdi. Nəhayət, çox ürək döyüntüsündən sonra Qızıl Arslan vəliəhdə sual verdi. – Şirvan şahlığı ilə olan əlaqə və vəziyyət haqqında məlumat verə bilərsənmi? – Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. Şirvan şahlığını Arandan ayrı olaraq bir hökumət kimi yaşatmaq aralıqda mövcud olan ixtilafı dərinləşdirmək deməkdir. Şirvan, Şimali Azərbaycanın bir hissəsidir. Lakin xalqın adət və ənənəsi Aran xalqının adət və ənənəsindən fərqlidir. Çünki orada həm köhnə İranın, həm də ərəb hökmranlığının qalıqları vardır. Şirvan – Azərbaycandır. Bura başqa ad vermək səhvdir. Şirvan şahlığının hökumət quruluşundakı vərasət məsələsi ləğv olunduğu zaman Şimali Azərbaycanın mərkəzini Şirvana köçürmək və oranı Azərbaycan paytaxtı adlandırmaq mümkündür. Qızıl Arslan vəliəhdin verdiyi cavabdan şadlandı, ayağa qalxıb onun alnından öpdü və: – Elədir oğlum! Fikrin doğrudur, – dedi və əlavə olaraq soruşdu: – Şimali Azərbaycanla Cənubi Azərbaycanın əlaqəsi barəsində nə deyə bilərsən? – Şübhəsizdir ki, bir xalqı iki idarə altında yaşatmaq səhvdir. Əlahəzrət, Şimali Azərbaycan mədəniyyətinin Cənubi Azərbaycana axması üçün geniş bir arx açmalıdır. Cənubi Azərbaycanın mədəniyyəti cənubdan gələn bir mədəniyyət deyildir. Hökmdar çox gözəl bilir ki, bu fikir ərəb və fars nüfuzu təsirinin məhsuludur. Şimali Azərbaycanla Cənubi Azərbaycanın idarəsini birləşdirmək Şimali Azərbaycanın mədəniyyətini Cənuba axıtmaq üçün arzu edilən arxı çəkmək deməkdir. Şimali Azərbaycanda bütün müsbət xüsusiyyətlərlə bərabər möhkəm bir həyat quruluşu da mövcuddur. Kəndlisi çalışqandır. Şəhərlisi təşkilatçıdır. Alimlərinin, şairlərinin haqqında danışmaq istəmirəm, çünki əlahəzrətin özü onlarla yaxından tanışdır. – Eldəniz xanədanına nisbət əlaqələri nə mərkəzdədir? – Xalq üsyançı xalqdır. Haqsızlığa qarşı boyun əyməyən xalqdır. Milli qürur onlarda daha artıqdır. Yalançılıq və yaltaqlıq onların düşmən tutduğu işlərdən birisidir. Özləri çox üzügülər və mehribandırlar. Onlar bizim xanədan üzvlərindən doğruluq və doğmalıq gözləyirlər. Bizim xanədan bu cəhətləri diqqəti-nəzərinə almalıdır. Hələlik onlar, Orta Asiyadan gələn və xəlifə xidmətinə daxil olub Azərbaycan xalqını qarət və talan edən türklüyü unuda bilməmişlərdir. Buna görə də onlar bizim simamızda Azərbaycan türklüyünü görməlidir. Lakin səlcuq hökmdarları, hətta, Səlcərin özü də Azərbaycan xalqına Azərbaycan türklüyünün doğma simasını göstərə bilməmişdir. Hər halda onlarda hökumət əleyhdarlığı görə bilmədim, narazılıqlar yerli hakimlərin haqsızlığından doğur, şəxsi məsələlərdən doğan narazılıqlar da vardır. Qızıl Arslan vəliəhdin nə dediyini anladı, Qətibənin Həmədandan Təbrizə köçürülməsi ətrafında intişar edən şayiələrin təsirsiz qalmadığını bildi. Buna görə də vəliəhdə sual verdi: – Mələkənin nə məqsədlə Azərbaycana köçürülməsi barəsində Nizamiyə izahat vermədinmi? – İzahat verdim, şübhəsizdir ki, Nizami kimi bir şəxsə şayiələr haqqında izahat vermək artıqdır. Mən onunla görüşdüyüm zaman, onun özü də şayiələrə inanmadığını söylədi. – Nizami ilə təfsilən görüşə bildinmi? – Görüşə bildim, heç bir kəsə nəsib olmayan bir səadət ancaq mənə nəsib oldu. Mən şairə xəbər verməksizin onun görüşünə getdim, məişət və həyatı ilə tanış olmaq məqsədilə nahar yeməyi zamanında ziyarətinə getməyi qərara almışdım. Buna görə də böyük şairlə bir süfrədə nahar yeməyəi yedim. Məktubunuzu ona verdim, oxudu və mənə nəsihətlər verdi, dediklərini yazdırıb əlahəzrətə oxumaq üçün gətirmişəm. – Mənim haqqımda fikrini açıq söyləmədimi? – Məktubunuzu oxuduqca, gülümsəyirdi, bəzən də qaşlarını çatışdırıb düşünürdü. – Mənim haqqımda başqa cür düşünə bilməz, çünki o mənim şəxsiyyətimi çox yaxşı tanıyır. – Əlahəzrət icazə verəydi, şairlə tez-tez görüşmək üçün Şimali Azərbaycanda yaşardım. Onunla görüşmək və nəsihətlərini eşitmək mənim üçün bir həyat dərsidir. – Sənin Azərbaycana getməyin lazım deyil, çalışıb şairi bura gətirmək lazımdır. – O mümkün deyil, mən onun həqir və yoxsul evinə baxdığım zaman o mənə dedi ki: “Dünyanın tükənməz xəzinəsini burada yaradıram”. O deyirdi ki: “Mənim Arandan çıxıb getməyim vətəndaşlarımı təhqir etmək kimidir”. – Torpaq işləri nə vəziyyətdədir? – Hökumət torpaqları təzədən bölüşdürməlidir, çünki mülkədarlar kəndlini hökumətin bayrağı altında qarət edir, halbuki kəndlidən alınan vergidən bir dinar da olsa dövlət xəzinəsinə tökülmür. – Sən bu fikri başqasına danışma, bu məsələ olduqca qorxulu məsələdir. Bu barədə rəhmətlik atanla da danışmışdım. Mənim də fikrim belə idi. Lakin indi tamamilə başqa fikirdəyəm. Sən bilirsən ki, torpaq quruluşunun hazırkı şəkli dövlət quruluşunun bugünkü şəkli ilə əlaqədardır. Torpaq quruluşu işlərini dəyişmək istəsək, hökumət və dövlət üsul-idarəsini dəyişməliyik. Dövlət quruluşu beladir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin həlqəsi kimi bir-birinə bənd olubdur. O zəncirin əsas həlqəsi hökmdardan ibarətdir. Zəncirə hərəkət verən bizik. Bu məsələni burax. De görüm Şimali Azərbaycan xalqının əsas ehtiyacı nədən ibarətdir? – Əsas ehtiyac mövhumatı təpikləyib məmləkətdən qovmaqdan ibarətdir. Mövhumat çox geniş qədəmlər ilə xalqın içərisinə girir. Mən Şimali Azərbaycanda olduğum zaman mövhumat işləri ilə tanış olmaq istədim, şeyxlər və təriqət rəhbərləri ilə yaxından tanış oldum. Nə dediklərini və əsas xətt-hərəkətlərini öyrəndim. Təriqət və bidətlərin məxəz və mənbələrini öyrəndiyim zaman bunların Azərbaycanda düzəlmədiyini və müəyyən bir siyasətin nəticəsi olaraq Azərbaycana gətirilməsini qərara aldım. Təriqətlər və bidətlərin İrandan, İraqdan və Orta Asiyadan Azərbaycana gətirildiyi şübhəsizdir. Çünki bir çox təriqətlər vardır ki, indiyə qədər Azərbaycanda vətəndaşlıq hüququnu qazana bilməmişdir. Hökmdar bu qorxulu hadisənin önünü almalıdır. Çünki təriqət və müridbazlıq işləri xalqın ittifaqını pozmaq üçün ən birinci vasitədir. Bilmirəm, bəlkə də bizdən əvvəl bu məmləkətləri idarə edənlər təriqət və məzhəb mübahisələrini genişləndirməkdə siyasi bir məqsəd daşımışlar. Lakin hazırda bu hadisə çox qorxulu bir hadisədir. Çünki bir-birinə təriqət və fikircə düşmən olan xalqı ümum bir fikrin ətrafında birləşdirmək çox çətindir. Mən elə bir qərara gəldim ki, təriqətlərin pərdəsi altında axirət fikirləri deyil, dünyada daxili mübarizələr, hərc-mərcliklər, düşmənçiliklər yaratmaq fikri gizlənmişdir. Qızıl Arslan heyrət və təəccüblə gözlərini vəliəhdin ağzına dirəyib onu eşidir və qəlbində: “Fikrimdə yanılmadım, vəliəhd məmləkətdə olan xəstəliklərin haradan gəldiyini mənim düşündüyüm kimi düşünə bilir. Xəstəliyi təyin edir, lakin əsas məsələ xəstəlikdə deyil, çətinlik onun dərmanını tapmaq işindədir. O barədə silahımız iti deyil, fikrimizin düşmənlərinin sayı dostlarımızın sayından bir neçə qat artıqdır”. Qızıl Arslan başına hərəkət verib: – Sənin düşüncələrin, təriqətlər haqqındakı mənalı təhlillərin məni şadlandırır. Xalq öz-özünə düşmən olmasaydı, mən mövhumat və təriqətin kökünə iti bir qılınc vurardım. Sənin fikrin doğru fikirdir. Bizdən əvvəlkilər hökuməti yaşatmaq işində mövhumat və təriqət mübarizələrini əsas bir vasitə bilmişlər. Oğlum, sən üsyan tarixlərini yaxşı öyrən, onların hamısında din, mövhumat və təriqət əleyhinə müəyyən ünsürlər tapa bilərsən. Bu xəstəliyi bizdən daha əvvəl təyin etmişlər, lakin onlar da bu zəhərli canavara qalib gələ bilməmişlər. Qızıl Arslan bunları deyəndən sonra çox kədərləndi, başını aşağı salıb bir az düşündü, sonra da yavaşdan dedi: – Bütün günahlar bizdədir. Dünyaların lənətini öz boynunda gəzdirən biz hökmdarlar, hökmdar saraylarını işıqlandıran günəş avamlıq dünyasının qaranlığı içərisindən saflanıb çıxmalıdır. Biz nə üçün də o dünyanı işıqlandıraq? Çünki avamlıq dünyası işıqlandığı zaman saraylara qaranlıq çökəcəkdir. – Qızıl Arslan vəliəhdə sual verdi: – Gürcüstanla olan əlaqəmiz nə vəziyyətdədir? – Əlaqəmiz dostanədir. Buna daha da möhkəm etmək lazımdır. Gürcüstanın mövqeyi bizim o məmləkətə hörmət bəsləmək və dostanə əlaqədə olmağımızı tələb edir. Nədənsə keçmiş hökmdarlar bunu nəzərə almamışdır. Biz Gürcüstanı qoşun və qılıncla yox, öz hörmət və məhəbbətimizlə əldə edə bilərik. Onlar Azərbaycan xalqının ən qədim qonşusudur. Bu iki xalqa bir-birinə nisbət, dərin bir sevgi hiss etdim. Mən elə bilirəm ki, Gürcüstan xalqı bir hadisə təqdirində azərbaycanlıları arxadan vurmaq istəməzlər. Lakin keçmişdə bu iki xalqı süni surətdə bir-birinə qarşı qoyublar. Gürcüstanla Şirvan arasında mövcud olan ittifaq buna böyük bir sübutdur. Bu ittifaq bizim üçün də faydalıdır. Qızıl Arslan güldü: – Belədir, dünyanın işi belədir, oğlum! – dedi. – Hökmdar öz rəiyyətini, rəiyyətin səadəti nöqteyi-nəzərindən başlamalıdır. Lakin bizdən əvvəl gəlib hökumət sürənlər də, bizim özümüz də bunun əksini həyata keçirmişik. Hökumətlər, rəiyyətləri öz səadəti uğrunda istifadə etmək üçün bəsləyirlər. Onların düşüncəsinə görə qoyunlara insaf və vicdanla yanaşmaq, başəriyyəti ətsiz qoymaq deməkdir. Onlar demişdir ki, qoyunlara xidmət etmək və onları kökəltmək qoyunlara səadət vermək üçün deyil, ət yeməyə öyrənənləri təmin etmək üçündür. Hökmdarlar rəiyyətlərinə bu nöqteyi-nəzərdən yanaşıblar. Bu üsulu tərsinə çevirmək üçün uzun müddət çalışmaq lazımdır. Oğlum, bu arzulardan düş! Sənin nə fikirləşdiyini çox gözəl bilirəm. Atan rəhmətlik də mənim bu fikirlərimi daima tənqid edərdi. Lakin mən səni tənqid etmirəm, biləks, bu fikrini təbrik edirəm. Oğlum, düşüncələrin müqəddəs və pak düşüncələrdir. Təəssüf olsun ki, hazırkı vəziyyətlə onun həyata keçirilməsi haramdır. Vəliəhd daha danışmadı. Durub Qızıl Arslanın məruzəsinə qarşı nə kimi cavab verəcəyini gözləyirdi. Qızıl Arslanın verdiyi cavab onu təmin etmədi. Qızıl Arslan rəiyyətlə mülkədarın əlaqəsi barəsində deyirdi. – Rəiyyətin varlanmasına çalış, çünki ac və çılpaq rəiyyətdən bir şey almaq olmaz. Belə deyilmi? Qızıl Arslan vəliəhdin sükutunu görünçə bir daha sual verdi: – Dediyim kimi deyilmi? – Belədir, lakin rəiyyəti varlanmağa qoyan kimlərdir? Mülkədarlar onun son köynəyinə qədər aldığı bir zamanda kəndlini nə vasitə ilə varlandıra bilərsən? – Kəndlinin ixtiyarını mülkədarın əlinə vermək olar, lakin hökmdar mülkədarın ixtiyarını öz əlinə almağı bacarmalıdır. Son vəsiyyətim budur ki, rəiyyəti birinci növbədə xarici soyğunçulardan qorumaq lazımdır. Daxildəki soyğunçuları soymaq o qədər də çətinlik tələb etməz. Vəliəhd bu fikirlərin heç birisindən razı qalmadı, Qızıl Arslan isə söhbətin mündəricəsini dəyişib dedi: – Mən vəliəhdi başqa bir məsələdən ötrü yanıma çağırmışdım. Təliənin məsələsi məni maraqlandırır. Aralıqda səmimiyyət və sevgi hissləri vardırsa, mən sənin fikrinlə razılaşa bilərəm. Bu məsələ sənin >> öz şəxsiyyətinə aid məsələdir. Bizim dediklərimiz isə səni həyatdan alınan təcrübələrlə tanış etmək məqsədini daşımaqdadır. Vəliəhd yerindən qalxıb Qızıl Arslana təzim etdi. Qızıl Arslan da: – Oğlum, gedə bilərsən! – deyəndən sonra vəliəhd birdaha təzim edərək, otaqdan çıxdı. * * * Kür çayı kənarında Qızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi: “Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir. Məmləkətin idarələri düşmənlərdən təmizlənmiş, sizinlə birlikdə danışdığımız islahata başlamaq üçün əlimizdə imkan vardır. Sizin fikirlərinizi həyata keçirəcəyəm. Bu səfərimdə sizin arzu etdiyiniz sülh müqaviləsini Şirvanla bağlayıb qurtarmaq ümidindəyəm. Fikirlərinizi məmləkətin idarəsi işində rəhbər tutacağam. Sizinlə məşləhətləşmək üçün təzə fikirlərim də vardır. Mən ümid edirəm ki, xalqın həyatında dəyişiklik yaratmaq mümkün olacaqdır. Mən otuz günlük bir səfərdən şairin ziyarətinə gəlmişəm. Ümid edirəm ki, möhtərəm şair də, otuz fərsəng yoldan mənim görüşümə gəlməyi əsirjəməyəcəkdir”. Nizami Qızıl Arslandan məktub aldığı dəqiqələrdə “Xosrov və Şirin” əsərinin son beytlərini yazıb bitirirdi: Zihər əqli-mübarək badəm aməd Təriqü-əql vahid yadəm aməd, Şikayət künəyi migərdəm əz baxt, Ki dər bazu kəmani daştəm səxt. Bəsi tirü kəman əfkəndə budəm, Nə şüd bər hic kağəz kazimüdəm. Şikayət çünki, bərdarəd xüruşi Nə manəd bibəha göhər firuşi. Qızıl Arslanın məktubu Nizamini razı salmamışdı. Çünki o, Nizamiyə verdiyi vədələrin və Nizamidən aldığı nəsihətlərin bir faizinə də olsa əməl etməmişdi. Buna görə də o, taxt-rəvanda oturub Qızıl Arslanın ordu qərargahına getdiyi zaman öz-özünə düşünüb deyirdi: “İnsan dünyanı öyrənir, alim ikən savadsız olur. Hökmdarlar danışdığı zaman həqiqəti deyil, məkan və zamanı nəzərə alırlar. Padşahın vicdanına inanma, o, sənin köməyinlə əldə etdiyi silahını sənin öz başında da imtahan edə bilər. Padşahın dilindən tez-tez eşitdiyimiz vicdan və sədaqət kəlmələri də insan qəlbini şikar etmək üçün bir tələ vəzifəsini ifa edir. İnsanların bədbəxtliyi burasındadır ki, onlar bir-birini öyrəndikləri zaman onların qəlbindəki xain məqsədləri oxuya bilmirlər. Onlar lisanın quraşdırdığı asimani kəlmələrə aldanırlar. Milyonları bir nəfər padşaha baş əydirən səbəb bir olsaydı, onunla mübarizə aparmaq o qədər də çətin olmazdı. Lakin padşahın mövqeyini möhkəm edən səbəblərin sayı onun icra etdiyi şaqsızlığın sayından daha artıqdır. Padşah acizləri əsirlikdə saxlamaq üçün qüvvətlilərdən özü üçün bir yaltaq ordusu düzəltmişdir. Avamlar, düşüncəsizlər, mövhumatçılar padşahlıq kəlməsinin ilahi bir kəlmə görünməsi yolunda böyük bir vəzifə bitirirlər”. Nizaminin fikri bu kimi düşüncələrin ağırlığı içərisində yorulur, ara-sıra taxt-rəvanın pərdəsini qaldırıb Kür qırağının zəngin təbiətinə baxdıqca dincəlir və yenə də Qızıl Arslan haqqında düşünüb deyirdi: “Bəzən həyata və dünyaya yeni şəkil vermək istəyən dahilərin fikirləri də minlərcə firqə və təbəqələrə ayrılmış xalqın qarmaqarışıq fikirləri içərisində itib gedir. Padşah! Səndə nə vardır?! Adi sənətkarların düzəltdiyi taxt-tac. Lakin sən hər taxtın kölgəsində duran tabutu görə bilmirsən!.. Geniş sarayların işıq pəncərəsindən dünyaya baxdığın zaman şöhrət və xudpəsəndlik kölgələri sənin gözlərinə pərdə çəkir, sən yüzlərcə sənin kimi hökmdarların yatdığı qəbiristanları görə bilmirsən! Sən bir yığın yaltaqlara, riyakarlara arxalandığın təqdirdə sənə qarşı nifrət bəsləyən yüz minləri görmürsən. Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. Bəlkə də bir gün xalq mən düşünən kimi düşündü, bəlkə də bir gün sənin aldadıcı olduğun və əhdə vəfa etmədiyin aşkara çıxdı. Onda nə edə bilərsən? Səni haman taxtdan çəkib yerə salarlar. Bu çox asandır. Lakin sənin açdığın xərabələri düzəltmək olduqca çətindir. Hazırda qoltuğuma vurub hədiyyə gətirdiyim “Xosrov və Şirin” adlı əsərimdə sənə və səndən qabaqkılara demək istədiyim sözlərin hamısını yazmışam. Bu sözləri həm özüm deyirəm, həm də xalqın deməsinə imkan yaradıram”. Şairin taxt-rəvanı ordunun qurduğu çadırların arasından keçib gedirdi. Nizaminin gəldiyini Qızıl Arslana xəbər verdilər. O, bu zamanda işrət məclisi qurub eyş-işrətə məşğul idi. Onun böyük bir çadırda təşkil etdiyi böyük ziyafətin şəkli dərhal dəyişdi. Əvvəlcə Şəmsəddinə əmr verdi: – Əyanları və qoşun sərkərdələrini götürüb böyük şair üçün təntənəli bir istiqbal mərasimi düzəldin, – dedi və sonra xidmətçilərinə əlavə bir fərman verdi: – Çadırı boşaldın. Saqilər, mütrüblər getsin, məclisdə yalnız çalanlar və oxuyanlar qalsın. Zəmanənin həyat suyunu paylayan bir şair gəldiyi zaman üzüm suyunun qiyməti qalmadı. Onun söhbətləri musiqi nəğmələrindən dilnəvaz və sevimlidir. O həqiqi zahidə məxsus bir məclis düzəldin. O zahiddir, lakin yun əba və yun baş örtüsünü daşıyan zahidlərdən deyil”. Nizami çadıra daxil olduğu zaman Qızıl Arslana baş endirib salam verməyə macal tapmadı, çünki Qızıl Arslan onu çadırın qapısında qarşılayıb salam verdi və əlindən tutub öz yanında əyləşdirdi. Birinci olaraq dövlət və hökumətə aid məsələlərdən danışdılar. Sonra da şair yolda gələrkən düşündüyü nəsihətlərə başladı. Şairin nəsihətlərinə qarşı Qızıl Arslan tez-tez: “Doğrudur, həqiqətdir. Təsdiq edirəm, həyata keçirmək lazımdır. Əhsən, afərin, belədir ki, var! Sizi əmin edirəm, başqa cür ola bilməz. Qonşularla dostanə yaşamaq barəsindəki fikrinizə qəlbən tərəfdaram. Yerli hakimlərin hüququnu məhdud etmək fikrini təqdir edirəm. Mən ancaq Azərbaycan xalqının dostluğuna arxalanıram. Elədir, xalqın mənə qarşı olan əlaqəsində səmimi bir dostluq hiss olunur. Şair əmin olmalıdır. Verdiyim vədələr tədrici surətdə həyata keçiriləcəkdir!” – deyirdi. Qızıl Arslan Qətibənin Təbrizə köçürülməsi səbəblərinə keçərək dedi: – Qətibənin Azərbaycana köçürülməsi məmləkətin böyük bir hissəsini təhlükədən qurtardı. Nizami gülümsəyərək: – Məmləkətin bir hissəsini təhlükədən qurtarmaq üçün hökmdarın şəxsi həyatını təhlükəyə yaxınlaşdırmaq da sadəlikdir. Qızıl Arslan da bu sözə güldə və dedi: – Gələcəyin şəkli hadisələrin şəklindən asılıdır. – Hökumət və dövlət fəlsəfə ilə idarə oluna bilməz. Hadisələr gələcəyə öz şəklini verə bilməkdən əvvəl hökmdarlar hadisələrə öz düşündüyü şəkli verməyə çalışmalıdır. Fəlsəfə xülasələrini kitablarda olduğumuz zaman xoşumuza gəlir. Lakin onu insanların həyatında gördüyümüz vaxt, həyatla uyğun olmadığını yəqin edirik; çünki həyatdan alınmayan fəlsəfələr heç bir zaman bir xalqın həyatında tətbiq edilə bilməz. Hökmdarın bir saatdan bəri danışdığı fəlsəfi məsələlər qismən xalqın həyatı üçün zərərli, bəzən də həyata keçirilməsi mümkün olmayan məsələlərdən ibarətdir. Xalqın həyat və düşüncəsini yerli hökmdarlardan öyrənməklə həyat fəlsəfələri yaratmaq olmaz. Hökmdar bilavasitə xalqı öyrənməlidir. Çünki hökmdarı əhatə edənlər üçün >> əhalinin həyatı haqqında ona doğru xəbər vermək əlverişli deyil. Saray xalqının əsas vəzifəsi sarayda qapanıb qalmış hökmdarı aldatmaqdır. Onlar padşah sarayının qarşısına gəlib acıqdan fəryad edən xalqın fəryadını eşitdiyi zaman daima: “Şükürlər olsun, məmləkət bolluqdur və ucuzluqdur, rəiyyət sarayın qarşısına yığılıb əlahəzrətin ömür və dövlətinə dua edirlər” – deməkdədirlər. Qızıl Arslan Nizaminin dediklərini təsdiq etdi, lakin nəsihətlərin öz hədəfinə əsabət etmədiyi aydın idi. Qızıl Arslan sərhədlərdəki müvəqqəti dinclikdən istifadə edərək Azərbaycan islahatı haqqında verdiyi vədələri həyata keçirməkdən boyun qaçırdı. Buna görə də Nizami Atabəy məmləkətlərinin gələcəkdə düşəcəyi vəziyyət barəsində izahat verib dedi: – Hökmdarın idarə etdiyi məmləkət, tarixi düşmənlər tərəfindən əhatə olunmuşdur. İranlılarda, İraq və reylilərdə vətənpərvərlik ruhu inkişaf etməkdədir. Xəlifələrin əzəmət və şöhrəti sönür. Böyük ərəb səltənəti dağılır. İstiqlaliyyəti alınmış xalqlar ayağa qalxır, gizlində və aşkarda məmləkətlərin sərhədlərini dəyişmək üçün minlərcə əllər işləməkdədir. Haman əllərdən bir çoxu Azərbaycanı hədəf etmişdir. Məmləkət daxilində olan əcnəbi nümayəndələrinin sayı hökmdarın ordusundan bir qat artıqdır. İranlılarla iraqlılar öz köhnə vəziyyətlərini bərpa etmək üçün silaha sarılmağı bacarmazlar, çünki onlarda Azərbaycan silahına qarşı qoyulacaq qüvvət yoxdur, hökmdar bunları nəzərə alaraq Azərbaycan silahına hörmət bəsləməlidir. Qızıl Arslan yenə də: “Doğrudur, həqiqətdir. Başqa cür ola da bilməz” – sözlərini tez-tez təkrar edirdi. Nəhayət, söhbətin sonunda Nizami gətirdiyi əsəri ipək bağlının içərisindən çıxarıb Qızıl Arslana təqdim etdi və dedi: – Bu əsəri “Fərhad və Şirin” sərlövhəsi altında yazmalı idim, lakin Fərhadın sənət və eşqinə dair yazdığım əsərdə siyasət və cahandarlığa dair fikirlərimi inkişaf etdirə bilməzdim. Buna görə də əsərimə “Xosrov və Şirin” sərlövhəsi verib Xosrovların gedəcəyi yolları təyin etməyə çalışdım. Məqsədim eşqnamə yazmaq deyildi, biləks, Şirini bundan da artıq bəzəyərək dünyanın ən məşhur bir gəlinin dərəcəsinə çatdırardım. Məqsədim zinətlərdən danışmaq olsaydı, dünyanın minlərcə yonulmamış cavahirlərini bu səhifələrə düzərdim. Əsas məqsədim nəsihət idi. Bilmirəm, bu fikrimdə istədiyim qədər müvəffəq ola bilmişəmmi? Qızıl Arslan əsəri bir qədər gözdən keçirdikdən sonra: – Bu quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. Nizamülmülkün yazdığı “Siyasətnamə” tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir. Qızıl Arslan uzun və mənalı cümlələrlə böyük şairin yazdığı əsəri tərifləndi. Lakin buna müqabil şairə mükafat verdiyi Həmudünyan kəndi olduqca həqir və dəyərsiz bir mükafat idi. Nizaminin mükafat aldığı kəndin nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba yazılmış xatimədən də anlamaq olur. Heç şübhə yoxdur ki, kitab Qızıl Arslana verildiyi zaman bu xatimə kitaba daxil ola bilməzdi; çünki mükafat verilmədən əvvəl mükafatın dəyəri haqqında yazmaq yersiz olardı. Şair, Qızıl Arslanın yanından qayıdandan sonra mükafat barəsində intişar edən dedi-qoduların əleyhinə yazdırdı: “Mənə həsəd aparanlar deyirlər ki, Qızıl Arslan Nizamiyə xərabə bir kənd hədiyyə vermişdir. Kəndin böyüklüyü darısqal bir kürəyə bənzəyir, böyüklüyü yarım fərsəngin dörddə biridir. Kəndin mədaxili məxaricindən azdır”. Mənsə həsəd aparanlara belə bir cavab verirəm: “Verilən neməti təqdir etməmək yaramaz. Mənə verilən kənd quru zəmilərdən ibarətdirsə, mənim hər bir misra şerimdə yüzlərcə cənnət bağçaları görə bilərsən. Əgər padşahın mənə verdiyi kəndin sünbülləri dəndən məhrumdursa, mən öz şeirlərimdə salxım-salxım cavahir dənələri yaradıram. Əgər padşahın mənə verdiyi kənd Fərat çayının sularından suvarılırsa, mənim sözlərimdə dirilik suyu vardır. Bir xalvar sədəfdən bircə dənə dürr qiymətlidir. Bir damcı dürr, tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir. Özümün gecə-gündüz çalışıb yaratdığım sərvət padşahın verdiyi kənddən daha qiymətlidir”. * * * Qətibə Həmədana gəldiyinin birinci günündən başlayaraq böyük bir xəyanətin zəminəsini qoymağa başladı. Yaz fəslinin son günləri >> idi, Əkbatan fəzasına məxsus kinli təbiətin qəzəbi coşmağa başlamışdı. Axşam deyildi, lakin günəş kinlər, fitnələr, macəra və fəsadlar yuvası olan bu şəhəri işıqdan məhrum etmək üçün Əlvənd dağının arxasında durub düşünürdü. Həmədan şəhəri, hər tərəfindən su tökülən qara bir çadırın altında titrəyərək təbiətin acıqlı mühakiməsinə müntəzir idi. Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı. Gözləri və düşüncələri heyrətə düşürən ildırımlar Güleyn qalasının xərabə divarlarından atəşə tuturdu. Mühakimə başlandı, təbiətin orduları hücuma keçdi. Dolu danələri göydə partlayan minlərcə mərmilərin parçaları kimi şəhərin üzərinə tökülürdü. Gurultular davam edirdi, lakin bu gurultu yalnız havanın gurultusu deyildi, Əlvənd dağı dərələrindən qopub Həmədan üzərinə hücum edən sellərin gurultusu idi. Qaranlıq idi. Təbiətin qəhr-qəzəbi davam edirdi, hər kəs uşaqlarını götürüb şəhərin mərkəzindəki təpələrə qaçırdı. Köşki-baği müəzzəmin gözəl bağçaları sellərin qoynuna girdiyi, həmedanlı Əbül Ülanın tarixi türbəsi palçıq selləri üzərində bir qayıq kimi üzdüyü zaman Maşanrud çayı da Qətibənin kinli qəlbi kimi qabarmağa başladı və bir anda təbiətin palçıqdan ibarət olan yorğanını Fərivar bağlarının üstünə çəkdi. Qasımabadın çiçəkli tarlalarının yerində düzələn dəryada ziyarətçi quşların meyitləri üzürdü. Tarixdə məşhur Nəvvar çəməninin həyatına xatimə çəkdiyi zaman, üfüqlər də yavaş-yavaş işıqlanırdı. Qorunmaq üçün təpələrə çəkilən xalq öz evlərinə qayıtdıqları zaman Atabəy sarayının aynabənd artırmasından bir qışqırtı eşidildi. Bir anda şəhərin yaxın məhəllələrindən gələn xalq saray qarşısına toplandı, lakin nə hadisə üz verdiyindən və eşidilən qışqırtının səbəblərindən kimsənin xəbəri yox idi. Ancaq silahlı qoşunlar və saray qarovulları o tərəf bu tərəfə qaçırdılar. Atabəy sarayının naziri Hüsaməddin və saray keşikçi başçısı Əbüttar dərhal artırmaya çıxdılar və Qətibə xatunun Səfa xanım adlı sevimli cariyəsinin yıxıldığını gördülər. Haradansa artırmaya atılan ox, Səfanın sağ böyründən dəyib sol böyründən çıxmışdı. Günahsız cariyə məhv olmuşdu. Qətibə meyitin üstünə gəlməmişdi, lakin sarayda olanların hamısı artırmada idi. Nəhayət, bir neçə dəqiqədən sonra Rübabə adlı cariyə artırmaya çıxıb qışqırdı: – Kömək edin! Qətibə xatun özündən getdi: Hüsaməddin dərhal artırmadan qayıdıb Qətibənin otağına girdi. O, içəri girmədən əvvəl saray həkimi lazım olan vəzifəsini bitirib otaqdan çıxırdı, o, Hüsaməddini gördüyü zaman: – Mələkə qorxmuşdur. Bu hadisə onun əsəblərinə çox fəna təsir bağışlamışdır, ona rahətlik vermək lazımdır. Kənizlərin və cariyələrin ağlamasına və mələkəni rahatsız etmələrinə imkan verməyin, – deyərək getdi. Hüsaməddin isə həkimin dediklərini yerinə yetirəndən yarım saat sonra, xidmətçilər tələsik gəlib müqəssirin tutulduğunu xəbər verdilər. Qatil İraq qoşun dəstələrindən atlara baxan bir tövləçi imiş! Hüsaməddin onun gətirilməsinə əmr verdi. Onu meyitin yanına gətirdilər, Hüsaməddin ona çox soyuqqanlılıqla sual verdi: – Alçaq və rəhmsiz, bu günahsız cariyəni nə üçün məhv etdin? Hansı bir təqsir səbəbinə bunun gənc həyatına sui-qəsd etdin? Qatil yerdə uzanan cariyənin meyitinə çox diqqətlə baxandan sonra heyrətlə dedi: – Mən cariyə öldürməmişəm. Mən öz ağamın tapşırığına görə mələkəni öldürmək istəyirdim. – Adın nədir? – Adın Mənsurdur. – Nə iş sahibisən? – İraq qoşunundan atlara baxan bir tövləçiyəm. Hüsaməddin təəccüblənərək: – Həyasızlığa bir baxın, möhtəşəm bir mələkənin həyatını bir tövləçiyə tapşırırlar. Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da həyat haramdır. Bundan sonra kimə inanaq? Mələkənin süfrəsinin xırdaları ilə ağalıq edənlər cəsarət edib mələkəni öldürmək istəyirlər. Onlar bu gün mələkəni, sabah da əlahəzrətin özünü öldürmək istəyəcəklər. Xudavənd-aləmə çox şükür olsun ki, mələkə təhlükədən xilas oldu. Hüsaməddin Zəhir Bəlxini çağırmaq üçün adam göndərdi. Bir azdan sonra Zəhir Bəlxi və Qızıl Arslanın vəzirləri və əyanları Atabəy sarayına yığışdılar, müqəssiri istinad etməyə başladılar. Zəhir Bəlxi müqəssirə sual verdi: – Bu cinayəti həyata keçirmək üçün nə qədər mükafat aldın? – Yüz qızıl dirhəm aldım. Müqəssir bunu deyərək cibindən yüz qızılı bir kisənin içindən çıxarıb yerə qoydu. Hüsaməddin ona sual verdi: – Sən bu qızıllar olmadan da həmin cinayəti həyata keçirə bilərdinmi? – Bəli, keçirə bilərdim. Çünki bunu mənə ağam əmr edirdi. – Ağan kimdir? – Ağam Azərbaycan qoşun dəstələrinin sərkərdəsi Fəxrəddindir. – Sən Fəxrəddini çoxdanmı tanıyırsan? – Mən hələ gənc olduğum zaman onların qapısında böyümüşəm. Zəhir Bəlxi və Hüsaməddin vəzirlərə və əyanlara müraciətlə: – Zənnimizcə, bu qədər kifayətdir. Madam ki, müqəssirin özü günahını boynuna götürür və əsas məqsədi də bizə nişan verdi, bu cinayət haqqında öz qərarımızı verməliyik. Əyanlardan və vəzirlərdən bir neçəsi bu fikrə etiraz edərək dedilər: – Madam ki, müqəssir öz günahını boynuna alır, o zaman Qızıl Arslan həzrətləri səfərdən gəlincəyə qədər müqəssirin barəsində bir qərar çıxarmaq olmaz. Müqəssir Eldəniz ailəsinə sui-qəsd etmişdir, qərarı ancaq padşahın özü çıxarmalıdır. Qətibə, Hüsaməddin və Zəhir Bəlxi bu təklifə razılıq vermədilər, xüsusən Qətibə: – Mənim sevgili cariyəm Səfanın meyiti basdırılmamış müqəssir öz cəzasına satdırılmalıdır, – dedi. Seyid Əlaəddin də bu mühakimədə iştirak edirdi. O, bu işdə Fəxrəddinin barmağı olmadığını çox gözəl bilirdi, lakin özünün azərbaycanlı və Fəxrəddinlə də yaxın dost olduğuna görə bir kəlmə də danışmadı və Fəxrəddini müdafiə edə bilmədi. Eyni zamanda, bu hadisənin yenə də Qətibə və Hüsaməddin tərəfindən təşkil edildiyinə şübhə etmirdi. O, bu ağır vəziyyətin altından nə kimi tədbirlə çıxa bilməsi barəsində düşünürdü. Yalnız Fəxrəddini müdafiə etməklə deyil, Qızıl Arslan ətrafında fırlanan mələkənin barəsində də düşünürdü. Bu hadisələrin əsas kökü azərbaycanlıları paytaxtdan uzaqlaşdırmaq və Qızıl Arslanı təkləmək məqsədləri üzərində qurulmuşdu. Seyid Əlaəddin məsələni öz nökəri vasitəsilə Fəxrəddinə xəbər verdi, çünki bir saat təxir etmək hadisəni uduzmaq demək idi. Qətibə öz əri Atabəy Məhəmmədi öldürdüyü zamanda da bu oyunu oynamış və Atabəyə zəhərli neştər vuran bərbəri öldürmüş və hadisənin ifşa edilməsinə imkan verməmişdi. İndi də o, Mənsuru edam etdirməklə Fəxrəddinin öz-özünü təmizləyə bilməsinə imkan verməmək istəyirdi. Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. Zəhir Bəlxi və Hüsaməddin həbsə alındılar. Qətibəyə sui-qəsd edən Mənsur da Qızıl Arslan gəlincəyə qədər xüsusi bir həbsxanada saxlandı. Qətibə Zəhir Bəlxi və Hüsaməddinin həbsə alındığı və müqəssirin edamına imkan verilmədiyini eşidərkən qorxuya düşdü və vəziyyətdən qurtarmaq üçün Həmədandan çıxıb Rey şəhərinə – oğlu Qütlüğ İnancın yanına getməyi qərara aldı. O, “həyatımı mühafizə etmək üçün qaçıram” – deyə Qızıl Arslanı inandırmağı düşünürdü. Lakin Fəxrəddin ona göndərdiyi sifarişdə: “Mələkənin Həmədandan getməsinə imkan verməyəcəyəm. Çünki əlahəzrət gələndən sonra başlanacaq mühakimədə mələkənin özü də iştirak etməlidir. Bu hadisə mənim əleyhimə düzələn böhtan və iftiralara son qoymaq üçün yeganə bir vasitədir. Bu mühakimədə yalnız mənim əleyhimə düzələn böhtanlar deyil, Atabəy Məhəmmədin qətl edilməsi işləri də ifşa ediləcəkdir”. Qətibənin törətdiyi son fitnələr iraqlıların əlində azərbaycanlılara qarşı böyük bir silah yerinə işlənməyə başladı. İraqlılar, ərəb imperatorluğunu dağıtmaq üçün Hüseynin qətlini əllərində bəhanə etdikləri kimi, Qətibənin də bu fitnəsini azərbaycanlılara qarşı silah yerinə işlətməyə başladılar. Çünki onlar bilirdi ki, azərbaycanlılar Qızıl Arslanın arxasında durduqca, iraqlılar öz məqsədlərinə nail ola bilməyəcəkdir. Buna görə Qətibənin bu macerası iraqlılar üçün həddindən artıq əlverişli idi. Qızıl Arslan bu macəraya inanmasa belə, yenə də azərbaycanlıları paytaxtda saxlamağı bacarmayacaqdı. Çünki azərbaycanlılar ancaq Fəxrəddin və Seyid Əlaəddinin səbəbinə illər uzunu Həmədanda qalıb Qızıl Arslana xidmət edirdilər. Bütün Həmədan xalqı Qızıl Arslanın bu hadisəyə qarşı nə kimi bir vəziyyət alacağı ilə maraqlanırdı. Nəhayət, hadisədən iyirmi bir gün keçəndən sonra Qızıl Arslan səfərdən qayıdıb Həmədana gəldi. * * * Qızıl Arslanın Fəxrəddinə verdiyi birinci sual bundan ibarət idi: – Sənə Zəhir Bəlxi və Hüsaməddini həbsə almaq üçün kim ixtiyar vermişdi? Fəxrəddin, əlahəzrətin bu şiddətli sualından heç də özünü itirmədi, cavabı çox təxirsiz bu surətdə verib dedi: – Mərhum Atabəy Məhəmmədin qətlində həyata keçirilən macəranın təkrar olunmaması üçün belə də lazım idi. Onlar bu cinayəti müvəffəqiyyətlə qurtarmaq üçün öz cinayətlərinin qurbanı olan Mənsuru siz paytaxta qayıtmamışdan əvvəl edam etmək istəyirdilər. Mənsə buna imkan vermədim. – Mələkəni nə üçün həbsə aldırdın? Onunla müdara etməyi sənə tapşırmamışdımmı? – Mələkəni heç bir kəs həbsə almamışdır. Yalnız onun Həmədandan çıxıb getməsinə imkan verilməmiş, çünki o, bununla paytaxda üsyan başladığını və burada yaşamağın imkan xaricində olduğunu göstərmək istəyirdi. Hazırda əlahəzrət təşrif gətirmişdir, mən müqəssirin mühakimə və istintaq edilməsini tələb edirəm. Çünki bu hadisə azərbaycanlılar əleyhinə düzəlmişdir. Qızıl Arslan yenə də acıqlı bir surətdə soruşdu: – Müqəssir deyir ki, məni bu cinayətə məcbur edən Fəxrəddindir. Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? Fəxrəddin yenə də əlahəzrətin şiddətli cümlələrindən təsirlənməyərək dedi: – Əlahəzrətin mənə inanmaması üçün heç bir əsas yoxdur. Sizə məlumdur ki, mən daima məmləkətin düşmənləri ilə mübarizə etmişəm. Hazırkı macaranı törədən düşmənlər, yalnız mənim deyil, bu məmləkətin düşmənidirlər. Onlar məni bu məmləkəti sevdiyim üçün sevmirlər. Bu gün əlahəzrət məni işimdən kənar edib Azərbaycana göndərmiş olursa, düşmənlərim məni xatırlamaq belə istəməzlər. Haman cinayətkar Mənsur məni tanımır, mən də onu tanımıram. Əlahəzrət bu sözlərimə inanmırsa, sərkərdələrdən bir neçəsini hüzuruna çağırsın, hərgah cinayətkar məni tanıya bilərsə, düşmənlərimin dediklərinin hamısı doğrudur, o zaman hökmdar məni cəzalandırmağa haqlıdır. Qızıl Arslan bu sözdən sonra bir az düşündü, sonra sərkərdələrdən bir neçə nəfərin gətirilməsinə əmr verdi. Yarım saatdan sonra on beş nəfər sərkərdə hazır oldu. Hüsaməddin də bunların içərisində idi. Qızıl Arslanın əmrinə binaən cinayətkarı zindandan çıxarıb gətirdilər. Qızıl Arslan cinayətkara diqqətlə baxandan sonra xidmətçilərə əmr etdi: – Müqəssirin boynundan və ayaqlarından zənciri açın! Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. Qızıl Arslan ona sual verdi: – Səni bu cinayətə məcbur edən burada duranların hansı birisidir? Mənsur əlahəzrətin bu sualından sonra məclisdə duranları diqqətlə gözdən keçirəndən sonra gəlib Hüsaməddinin yanında durdu və barmağı ilə göstərdi: – Mən ancaq bu adamı tanıyıram, məni bu cinayətə məcbur edən həmin bu adamdır! Qızıl Arslan bir sual daha verdi: – Sən Fəxrəddini tanıyırsanmı? – Necə ki, tanımıram. Tanımasaydım bu cinayəti həyata keçirərdimmi? – Fəxrəddini göstərə bilərsənmi? – Fəxrəddin həmin bunun özü deyildirmi? – Bu Fəxrəddin deyil, Hüsaməddindir. – Hər kimdirsə bilmirəm, ancaq bu adam özünün Fəxrəddin olduğunu mənə demişdi. – Bu cinayət üçün nə qədər mükafat almışdın? – Yüz qızıl mükafat almışdım. – Sən öz həyatını yüz qızılamı satmışdın? – Xeyr, bu cənab mənim sağ qalacağıma söz vermişdi. – Sən, kimi öldürmək istəyirdin? – Kimsəni öldürmək üçün mənə heç bir göstəriş verilməmişdi. Eyvanda hər kəs olursa olsun, mən ox atıb onu öldürməli idim. Qızıl Arslan Mənsura bir sual da verdi: – Sən Hüsaməddini və yainki Fəxrəddini bundan qabaq tanıyırdınmı? – Mən heç kəsi tanımırdım. – Sən öz verdiyin bəyanatda hələ gəncliyində Fəxrəddinin yanında qaldığını deməmişsənmi? – Bəli, demişəm. – Demək ki, bunları yalandan demişsən, belədirmi? – Mən yalandan heç bir söz deməmişəm, ağa nə cür tapşırıq vermişdisə, elə də demişəm. Belə olmalı idi, çünki bunun müqabilində yüz qızıl dinar almışdım. – Sən hara ox atdığını bilirdinmi? – Xeyr, bilmirdim. Ancaq ağa bir eyvanı mənə göstərib demişdi: buraya bir ox atacaqsan, hər kəsə olursa olsun. – Buranın Azərbaycan mələkəsinin evi olduğunu bilmirdinmi? – Xeyr, bilmirdim. Bilsəydim bu cəsarəti etməzdim. – Əcəba, sən qoşun dəstələri içərisində xidmət etdiyin bu qədər uzun bir zamanda mələkənin yaşadığı Atabəy sarayını tanımırdınmı? Mənsur bu suala gülümsəyərək cavab verdi: – Mən heç bir qoşun dəstəsində iştirak etməmişəm, Həmədan şəhərini birinci dəfədir ki, görürəm. Mən yeddi aydır ki, burada həbsdə idim. Mən Əsədabad ilə Həmədan arasında yol vuran dəstələrin başçısı idim, məni həbsə alıb Həmədana göndərmişdilər. Mənim edam edilməyimə fitva verilmişdi. Bu ağa məni həbsdən çıxartdı və bu vəzifəni tapşırıb dedi: sənə yüz qızıl verəcəyəm, özün də ölümdən xilas olacaqsan. – Sənə bu vəzifəni harada tapşırdılar? – Bu ağa məni öz evinə aparmışdı. – Sən o evi görsən tanıya bilərsənmi? – Bəli, tanıya bilərəm. Qızıl Arslan Hüsaməddinə müraciət edib soruşdu: – Sənin bu barədə cavabın nədir? – Cinayətkarın göstərdiklərinin hamısı yalandır. Bu dediklərinin hamısını ona həbsxanada öyrətmişlər. Buna görə də əvvəlki istintaq zamanı verdiyi bəyanatını dəyişdiribdir. Qızıl Arslan Hüsaməddinin bu cavabından sonra da Mənsura sual verdi: – Sən bunun evində gördüyün şeylərdən bir neçəsini saya bilərsənmi? – Bəli, bir çoxunu saya bilərəm. Bunun bir qoca xidmətçisi vardır, çopurdur, mənçə bir gözü də kordur. Dəhlizdən içəri girən zaman sol və sağ tərəfdə dərilərinə saman doldurulmuş iki dəhşətli şir durmuşdur. Pəncərənin qabağında asılan qəfəsin içərisində boz rəngli bir ququ quşu vardır. Mən içəri girdiyim zaman quş qışqırıb “büfərma, büfərma” deyirdi. Qızıl Arslan bu söhbətdən sonra Hüsaməddinə müraciət etdi: – Mənsurun dediyi şeylər sənin evində vardırmı? – Bəli, vardır. Lakin bu şeyləri cinayətkarın özü görməmişdir, bunu mənim düşmənlərim ona öyrətmişdir, çünki düşmənlərim mənim evimi bir dəfə deyil, yüz dəfə görmüşdür. Qızıl Arslan cinayətkara bir sual da verdi. – Bu sözlərə qarşı sənin cavabın nədir? Mənsur gülümsəyərək: – Cavab odur ki, demişəm. Bunun evində ənfiyədan da vardır, onun üstündə lal və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır. Hüsaməddin tələsik cavab verdi: – Yalan deyir, məndə belə bir şey yoxdur. Mənsur sözə müdaxilə edərək: – Ağa doğru deyir, indi haman şey ağanın evində yoxdur. Ağa başqa otağa keçib mənim üçün sandıqdan yüz qızıl dirhəm gətirməyə gedən zaman mən haman qızıl ənfiyədanı çalıb cibimə qoydum. Qızıl Arslanın bu söhbətdən acığı söndü və qəhqəhə ilə güldü, yenə də: – Hazırda haman ənfiyədan haradadır? – deyə soruşdu. – Hazırda yanımdadır, əlahəzrətə təqdim edə bilərəm. – Əcəba, onu həbsxanada nə kimi bir vasitə ilə öz yanında saxlaya bildin? – Məni həbsxana müdirinin otağına təftiş etmək üçün aparanda dərhal ənfiyədanı çıxarıb müdirin taxçada qoyduğu əmmaməsinin altında gizlətdim. Mənə “soyun!” deyə əmr etdiyi zaman əmmaməmi və libasımı müdirin əmmaməsinin yanına qoydum. Məni diqqətlə axtardılar. Heç bir şey tapa bilmədiklərindən geyinməyimə əmr verdilər, mən libaslarımı geyindim, ənfiyədanı yenə də müdirin əmmaməsinin altından çalıb cibimə qoydum. – Hazırda ənfiyədan haradadır? – Yanındadır. Mənsur bunu deyərək, əlini qoynuna atdı və ənfiyədanı çıxarıb Qızıl Arslanın yanına qoydu. Qızıl Arslan ənfiyədanı götürüb baxdığı zaman rəngi ağardı, çünki ənfiyədan onun qardaşı Atabəy Məhəmmədin ənfiyədanı idi. Onu vaxtilə xəlifə Müstərşidbillah Atabəy Məhəmmədə bağışlanmışdı. Onun nə vasitələr ilə Hüsaməddinin əlinə düşdüyü Qızıl Arslanı düşündürürdü. O, Hüsaməddinə sual verdi: – Atabəy Məhəmmədə məxsus olan bu nadir şey sənin əlinə nə vasitə ilə düşmüşdür? Hüsaməddin bu sualın cavabı barəsində uzun saniyələr düşündü, çünki o sualın cavabını vermək çox çətin idi, o, heç bir zaman bu əntiqə şeyin Qətibə xatun tərəfindən özünə hədiyyə verildiyini söyləyə bilməzdi. Buna görə də başını qaldırıb cavab verdi: – Ənfiyədan hazırda Mənsurun əlinə nə vasitə ilə düşmüşdürsə, mənim əlimə də haman vasitə ilə düşmüşdü. Qızıl Arslan Fəxrəddinə müraciətlə: – Sən gedə bilərsən, – dedikdə, Fəxrəddin: – Mən canilərin cəzalanmasını tələb edirəm, – dedi. Buna da Qızıl Arslan acıqlı bir surətdə cavab verdi: – Füzulluq etmə! Padşaha tələbat vermək üçün heç bir kəs sənə ixtiyar verməmişdir, – dedi. * * * Hüsaməddin və Zəhir Bəlxinin həbsə alındığından bir həftə keçirdi. Həbsə alınanlar haqqında Qızıl Arslanın nə qərara gələcəyi məlum deyildi. Xalqa bu barədə məlum olan bir məsələ varsa, o da azərbaycanlıların həbsə alınanları cəzalandırmaq tələbindən və Qətibə xatunun da, Hüsaməddin və Zəhir Bəlxinin azad edilməsini tələb eləməsindən ibarət idi. Azərbaycanlılar son hadisədə Fəxrəddini müdafiə etməklə Qızıl Arslana belə bir məktub yazmışdılar: “Əlahəzrətin özünə məlumdur ki, hökumətin Azərbaycan hökuməti olmasına baxmayaraq, azərbaycanlılar özünü yabançı bir məmləkətdə hiss edirlər. Xüsusən son hadisələr paytaxtda olan azərbaycanlıların nüfuzunu bir daha azaltmışdır. Azərbaycanlılara qarşı təşkil edilən son xəyanət təşkilatçılarının cəzasız buraxılması, əlahəzrətin azərbaycanlılara olan etimadının azalmasını isbat edir. Bütün bunlar, azərbaycanlıların paytaxtda yaşaya bilməməsi üçün geniş bir məcburiyyət yaradır. Əlahəzrətə məlumdur ki, müqəssirlərin bu günə qədər cəzalandırılmaması xalq arasında onların müqəssir olmadığı kimi məna edilir və məsuliyyəti azərbaycanlıların öhdəsində qoyur. Buna görə də əlahəzrət azərbaycanlıların paytaxtı buraxması işini haqlı hesab etməli və bunların öhdəsində olan vəzifələrə adamlar təyin etməlidir”. Bu məzmunda tələbata yalnız şimali azərbaycanlılar deyil, buna cənubi azərbaycanlılar da qoşulmuşdu. Məktubda yüzlərcə sərkərdənin imzası var idi. Azərbaycanlıların tələbatilə bərabər Qətibə xatun da Qızıl Arslana öz tələblərini vermişdi. O öz tələbində deyirdi: “Əlahəzrət! Mənim atamın qatillərinə olan hörmətin məni təhqir etməkdən başqa bir şey deyildir. Azərbaycanlıların düzəltdikləri son sui-qəsdin cəzasız buraxılması məni olduqca şübhələndirdi. Bu hadisənin əlahəzrətin burada olmadığı zaman baş verdiyi də bunun müəyyən bir tapşırığın nəticəsi olduğu zehniyyətini verir. Əlahəzrətin Fəxrəddin və Seyid Əlaəddini cəzasız buraxması mələkəyə qarşı düzələn sui-qəsddə iştirak etməsini göstərir. Mən bu təhlükəni hiss etdiyim üçün də, bir neçə dəfə paytaxtdan çıxıb getmək istəmişəm. Lakin son hadisələr daha açıq göstərir ki, mənim paytaxtda qalmağım, həyatım və övladım üçün böyük bir təhlükədir. Əlahəzrət müqəssirləri cəzalandırmağı bir neçə dəfə vəd etmişdirsə də, bir nəticəsi çıxmamışdır. Hələ təqsirləri olmayanların həbsdə saxlanılması da mənim şübhələrimi artırmaqdadır. Hüsaməddin mənim atamın ən yaxın və etimad etdiyi bir adamdır. Onun qılıncının sayəsində dikbaş Azərbaycan illər uzunu Atabəylərə boyun əyməyə məcbur olmuşdu. Hazırda onun bir macəra nəticəsində təhqir olunub həbsə alınması, bizim ailəmizin təhqir olunması kimidir. Elə də Zəhir Bəlxi həzrətləri, öz tədbir və məsləhətləri sayəsində bizim hökumətimizə az xidmət etməmişdir. Əlahəzrətə son sifarişimdir. Bundan sonra köçüb həyatımın son aylarını Rey məmləkətində keçirməyə qərar vermişəm, atamın qatilləri hökm sürən bir məmləkətdə yaşamaqdansa, qürbət bir məmləkətdə fəqir və yoxsul həyat keçirməyim məsləhətdir”. Qızıl Arslan öz yanlış siyasəti nəticəsində çıxılmaz vəziyyətdə qalmışdı. O, azərbaycanlıları itirmək istəmirdi, eyni zamanda Qətibənin paytaxtdan köçüb Rey tərəflərinə getməsinə də razı ola bilmirdi, çünki onun təzə fitnələr törətməsindən qorxurdu. İraqda və Xorasan hüdudlarında ciddi üsyanlar başlamışdı. Qızıl Arslan nə qədər çalışdısa da, Azərbaycan qoşununun paytaxtı buraxmaq fikirlərinə mane ola bilmədi. Qətibənin düzəltdiyi yeni macəradan bir ay keçəndən sonra Seyid Əlaəddinlə Fəxrəddinin ətrafında yığılan Cənubi və Şimali Azərbaycan ordusu tamamilə çəkilib getmişdi. Qızıl Arslanın ətrafında ancaq onun düşmənləri qalmışdı. Hüsaməddin həbsdən buraxılmamışdı. Buna baxmayaraq o, Qızıl Arslan əleyhinə düzələcək sui-qəsdin başçısı olmaqda davam edirdi. Qətibənin kefi istədiyi zaman Hüsaməddini Atabəy sarayına dəvət edir, yenə də həbsxanaya qaytarırdı. Dövlət təbəddülatı üçün görüləcək hazırlıq gizlində yox, tamamilə aşkarda aparılırdı. Müqəssirləri cəzalandırmaq və gözləniləcək hadisələrin qarşısını almaq üçün Qızıl Arslanın istifadə edə biləcəyi bir nöqtə yox idi. Qoca vəzir Şəmsəddin vəziyyətin ağırlığını hiss edirdi, lakin Qızıl Arslan onun fikri ilə hesablaşmadığından təhlükə get-gedə dərinləşirdi. Hələ azərbaycanlılar köçüb getmədən qabaq Şəmsəddin Qızıl Arslanın yanına gələrək vəziyyət haqqında məlumat verib deyirdi: – Dövlət təbəddülatı yaradılması işində həm Hüsaməddin, elə də Qətibə xatunun özü ciddi surətdə iştirak edir. Bir tərəfdən Bağdad, o biri tərəfdən də Kəhran qalasında həbsdə oturan Toğrul ilə yazışırlar. Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır. Toğrul Qütlüğ İnancın vəliəhdliyini elan etməklə paytaxta gətirilməsinə razılıq vermişdir. Hadisənin qarşısını almaq və indidən işə başlamaq lazımdır. Qızıl Arslan vəzirə sual verdi: – Sənin bu dediklərinə etibar etmək mümkündürmü? Şəmsəddin əlini qoynuna uzadıb, bir neçə məktub çıxarıb Qızıl Arslana verdi. Qızıl Arslan Qətibənin Toğrula yazdığı məktubu oxuduqdan sonra: – Bilmirəm, məmləkəti bu şeytan nəslinin fitnə və fəsadından necə qurtaracağam, – dedi. Şəmsəddin Qızıl Arslanın bu sözlərindən sonra da öz fikrini dedi: – Doğrudur, mən qocalmışam, lakin fikirlərim qocalmamışdır. Mən əlahəzrəti təhlükədən qurtarmaq istəyirəm. Əlahəzrətə hökumət başına keçdiyi zaman dediyim sözlərimi bir daha təkrar edirəm, hərgah əlahəzrət son dediklərimi qəbul etməzsə, o zaman düşmənin hazırladığı təhlükə yaxınlaşmış olacaqdır. Qızıl Arslan hövsələsi təng olmuş bir halda soruşdu: – Açıq söylə, Şəmsəddin, mən nə etməliyəm? – Bu saatda bir fərman göndərib Reydən Qütlüğ İnancın Təbrizə gəlməsini tələb edərsən. Özün də sabahdan etibarən Təbrizə köçüb getməli və Qətibə xatunu da buradan çıxarıb Təbrizə aparmalısan. Çünki onun təzə təşəbbüslərinə imkan verməmək üçün nəzarət altında saxlamaq lazımdır. Bağdad və Xarəzm hüdudlarına qüvvətli müdafiə dəstələri göndərmək lazımdır. Qütlüğ İnanc Qəzvindən keçib Təbrizə gəldikdən sonra, Fəxrəddini güclü bir qoşunla Rey məmləkətinə göndərmək və hökumət işlərini əlinə almaq üçün ona səlahiyyət vermək lazımdır. Rey işğal olunandan və hüdudlar möhkəm edildəndən sonra Qütlüğ İnancla Qətibəni Təbrizdə, Hüsaməddini isə Həmədanda edam etdirməlisən. Toğrul ilə oğlu Məlikşaha gəldikdə onların məsələsi əlahəzrətin qəlbindəki qüvvətdən və cahandarlığın tələbatından asılıdır. Qızıl Arslan sual verdi: – Onları da edam etməkmi? – Bəli! Vəziyyət bunu tələb edir. Əlahəzrət onu bilməlidir ki, azərbaycanlıların etimadını itirmək – Atabəy məmləkətini itirmək deməkdir. Əlahəzrət, düşmən yalnız hökmdarın şəxsiyyəti məsələsini yox, xanədan məsələsini qoymuşdur. Qızıl Arslan nəsihətverici bir surətdə dedi: – Vəzir, mən sənə bir dəfə demişəm, yenə də təkrar edirəm: sən daima insanları öldürmək üzərində yox, onları bir insan kimi yaşatmaq, onları həyat və vəziyyət ilə barışdırmaq üzərində düşün! – dedikdə Şəmsəddin etiraz etdi: – Siz böyük Nizaminin tövsiyələrini unutmayın. Fəlsəfə ilə məmləkət idarə olunmaz. Ədalətlə cəzanın harada işlədilməsini bilmək lazımdır. Səltənət və üstünlük fikirlərinə satılan bir ürəklə barışmaq fikri çox yersiz və uşaqcasına fikirdir. Səltənət tələbində olan bir adamla barışmaq üçün səltənəti ona vermək lazımdır. Sənin paytaxtın Azərbaycanın son hüdudundadır. Eyni zamanda azərbaycanlıların düşmənliyini qazanmağa çalışırsan. Hərgah bu kimi səhvi həyata keçirmiş olsan, o zaman əsas məmləkəti itirəcək və müstəmləkə qoşunlarına arxalanıb Azərbaycanı itaət altına almağa məcbur olacaqsan. Lakin buna vaxt tapa bilməyəcəksən. Çünki əldə olan məlumata görə düşmən öz hazırlığını bitirmişdir. Açığını deyirəm, düşmən hökmdarın həyat məsələsini də həll edə bilər. Qızıl Arslan acıqlandı: – Sən bu gün mənim mətanətimi sındırmaq və məni qorxutmaq üçün gəldin. Sən məni tarixin lənətləri qarşısında qoymağımı düşünürsən? Sən məni, qardaşımın qadınını, qardaşımın oğlunu edam etdirməkləmi xoşbəxt etmək istəyirsən?! Sən məni alçaqlığa, rəhmsizliyə, cəlladlığa tərğib etdiyin üçün, mən də sənə öz nifrətimi bildirirəm. Dur mənim yanımdan get, bir də mənə bu cür nəsihətləri vermə! Özün qocaldığın kimi, fikirlərin də qocalmışdır. Sabahdan etibarən vəzirlik işlərini Müzəffər cənablarına tapşırmalısan. * * * Ölüm Azərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi. Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi. Şəmsəddin taxt-rəvanının pərdəsini qaldırıb zəncir həlqəsi kimi bir-birinin dalınca Şimala doğru gedən Azərbaycan atlılarını görüncə, hönkür-hönkür ağladı və oğlu Süleymana müraciətlə: – Qızıl Arslan öldü. O artıq yoxdur. Azərbaycan xalqı iki min ildən ziyadə hökumət sürdükləri paytaxtı itirdi, – deyərək bir daha ağladı və taxt-rəvanın pərdəsini saldı. Hüsaməddin və Zəhir Bəlxi həbsxanadan buraxıldılar. Bununla da Qızıl Arslan ixtilafın həll olunduğunu, dedi-qoduların bitdiyini zənn edərək sevinirdi. Lakin Qətibə, azərbaycanlıların paytaxtdan çıxarılması, Şəmsəddin vəzirin Nəcəf şəhərinə sürgün edilməsi və eyni zamanda Hüsaməddin və Zəhir Bəlxinin həbsxanadan azad olunması ilə öz tələblərini bitirdi, onun əsas bir tələbi də var idi. O, oğlunun vəliəhd elan olunmasını tələb edirdi. Qətibə bu məqsədlə Qızıl Arslanın yanına gəlib rəsmi-təarifdən və hökmdarın səhhətini xəbər aldıqdan sonra dedi: – Allah-taalaya çox şükür olsun ki, indiyə qədər məmləkətin başına fəlakət gətirən fitnə və fəsadçılar rədd olub getdilər. İndi hər bir ixtilaf həll olundu, dedi-qodular kəsildi. Hazırda əlahəzrətin məmləkəti istədiyi kimi idarə etməsinə böyük və geniş imkanlar vardır. Lakin həll olunmamış mühüm bir məsələmiz qalır. Qızıl Arslan gözlərini qıyıb sual verdi: – Hansı məsələmiz həll edilməmiş qalır? – Mənim oğlumun məsələsi. – Hansı məsələsi? – Onun varislik məsələsi. – Sənin oğlun məmləkətin ən böyük bir hissəsini idarə edir. Rey məmləkəti bir padşahın sahib ola biləcəyi ərazidən bir neçə qat artıqdır. Mən zənn edirəm ki, ona bu kifayət edər, mələkənin bu məsələni bir daha qaldırması yersizdir. Qətibə bu fikrə etiraz etdi. O, Qızıl Arslanın təkləndiyini zənn edərək bu ağır təklifə razı ola biləcəyinə inanırdı. – Zənn edirəm ki, əlahəzrət, mənim oğlum vəliəhdlik mərtəbəsini əldə etmək üçün səlahiyyətlidir, çünki o, Atabəy Məhəmmədin böyük oğludur. Mənsub olduğu ailə də nəcibdir. Əlahəzrət özü bilir ki, o, İnanc ailəsinə mənsubdur. Ana tərəfindən də Bağdad xəlifələrinin ailəsinə bağlıdır. Onun səlahiyyətli olduğu bir mərtəbəni Atabəyin kəndli qızından doğulan oğluna vermək inkaredilməz bir haqsızlıqdır. Bir halətdə ki, mənim oğlum hazırda hökuməti idarə etmək işində bir hökmdar qədər müqtədirdir. Bununla mən oğlumun hökmdar təyin olunması məsələsini meydana atmıram, çünki əlahəzrət Atabəy Məhəmmədi əvəz etdiyi üçün oğlumun atası sayılır, buna görə hökmdarlığı əlahəzrətə buraxmaq istəsən də vəliəhdliyi Əbubəkrə buraxmaq istəməyəcəyəm. Mən bunu bütün xalqın iradə və istəyi namınə tələb edirəm. Qızıl Arslan nə cür cavab verəcəyini şaşırmışdı, çünki o, Qətibənin ağzından çıxan bu sözlərin əcnəbi qazanında bişdiyini bilirdi. Qızıl Arslan fikrə cumdu. Şəmsəddin vəzirin və Fəxrəddinin dediklərini xatırlayır və qəlbində onlara haqq qazandırırdı. Lakin gec idi. Artıq hökmdar öz arxasını, öz səmimi məsləhətçilərini itirmişdi. O, düşmənlər tərəfindən əhatə olunduğunu hiss edir və özünün təkliyinə qəlbən ağlayırdı. Qızıl Arslan kədərli bir surətdə başını qaldırıb Qətibənin üzünə baxdığı zaman, Qətibənin də tələbedici gözlərlə ona baxdığını görüb dedi: – Mələkə vəziyyətlə hesablaşmalıdır. – Hökmdar da vəziyyətlə hesablaşmalıdır. Çünki vəziyyət verdiyim tələblərin həyata keçirilməsi üçün olduqca əlverişlidir. – Vəziyyəti büsbütün əksinə məna edirsiniz. Mələkə çox yaxşı bilir ki, onunla Azərbaycan xalqı arasında barışması mümkün olmayan bir düşmənlik vardır. Onlar heç bir vaxt sizin ailənin adını çəkmək istəmirlər. Hazırda Əbubəkri vəliəhdlikdən xaric edib yerinə sənin oğlunu təyin etmək, ikinci bir üsyana səbəb ola bilər. Qətibə xatun bir məsələni də unutmamalıdır. Biz Azərbaycanda hökmdarlıq edirik. Azərbaycanlılarla əlaqəni bundan da artıq gərginləşdirmək xanədanımız üçün ziyanlıdır. Qətibə bunlara etiraz etdi: – İndi artıq Azərbaycan yoxdur. Onlar çəkilib getdilər. Hökmdar artıq onlara arxa verməməlidir. Həmədanın dörd tərəfi bizim dostlarımızın əlindədir. İraqlılar, reylilər, xarəzmlilər Həmədanı üzük qaşı kimi aralığa alıbdır. Onların hamısı mənim oğlumun haqqını tələb edir. Zənn edirəm ki, hökmdar öz gələcəyini təmin etmək üçün mənim oğlumun varisliyini bərpa etməlidir. Qızıl Arslan acıqlandı. Etidalını mühafizə edə bilmədi, Qətibənin təhdidlərini öz hökmdarlıq qüruruna sığışdıra bilməyərək dedi: – Məni hədələmək sənin şəxsi cəsarətin deyil, sənin atan da, oğlun da, özün də daima əcnəbilərdən aldığımız təsirlə yaşamaq istəmişsiniz. Mələkə bir daha məmləkəti idarə etmək işində mənə məsləhət verməsin. Mən məmləkəti öz bildiyim kimi idarə edəcəyəm. Bu cür məsləhətlər mələkənin hörmət və qiymətini azalda bilər. Mələkə özünə verilən hörmət və mərtəbədən sui-istifadə etməməlidir. Hər işin ifratı, vəziyyəti dəyişə bilər. Siz məmləkət xalqının sizə qarşı bəslədiyi nifrətin qalınlaşmasına çalışmayın, onsuz da mələkənin boynunda ağır cinayətin məsuliyyəti vardır. Hələ oğlunuzun əcnəbi hökumətlərlə əlaqəyə girib məmləkətə qarşı sui-qəsd hazırladığını xatırınızdan çıxarmamalısınız. Mən bu gündən etibarən sən mələkəni də, oğlunu da vətəndaşlıq hüququndan məhrum edə bilərəm. Lakin xalq səni Atabəy Məhəmmədin qadını, oğlunu isə onun oğludur – deyə çağırdığından mən sizə toxunmamışam. İyirmi ildən bəridir, bu məmləkəti bir-birinə vurdun, lakin bir dəfə onu bilməlisən ki, əcnəbi himayəsinə sığınan, heç bir zaman xoşbəxt ola bilməz. Get buradan, bir daha məndən bu cür arzuları tələb etmə. Bir məmləkəti bir qadının arzularına qurban etmək olmaz. Məmləkət xalqının bir faizi sizə hüsn-rəğbət bəsləsəydi, mən bütün tələblərinizə əməl edərdim. Mən nə edim ki, siz öz rəftarınızla xalqın məhəbbətini itirmisiniz. Qətibə daha danışmadı, çünki Qızıl Arslandan eşitdiyi sözlərin qəti olduğunu bilirdi. Buna görə də Qızıl Arslanın otağından çıxıb getdi. * * * Hüsaməddin Qətibənin otağına girdiyi zaman onu həddindən artıq qəmgin gördü və salam verib durdu. Qətibə məhzun bir tövr alaraq: – Gəl, otur, mənim ruhum! – dedi. Hüsaməddin gəlib oturdu və təcili bir tərzlə sual verdi: – Əcəba, mələkənin bu qədər kədərli göründüyünün səbəbi nədir? Qətibə qara gözlərini Hüsaməddinə çevirib: – Bu kədərin səbəbi sənsən! – dedikdə, Hüsaməddin gülərək soruşdu: – Mənmi? – Bəli, sən! Sən indiyə qədər bizim gələcəyimizin yolunda göyərən acı tikanı qoparıb atmağı bacarmadın. – Mən anlamadım. – Çox gözəl anlayırsan, lakin məni bir daha yalvartmaq istəyirsən. – Doğrudan da, mələkənin nə demək istədiyi mənim üçün aydın deyil. – Mən deyirəm ki, Qızıl Arslan aradan qaldırılmamış biz xoşbəxt ola bilməyəcəyik. Bunun üçün də mən çalışıb onun məhv edilməsi üçün lazı molan vasitələri hazırladım. Onun əqilli vəzirini sürgünə göndərdim, onun arxası və istinadgahı olan Fəxrəddin və Əlaəddinləri paytaxtdan qaçırdım, onun padşahlıq taxtını möhkəm əllərdə saxlayan Azərbaycan qoşununun paytaxtı buraxmasına səbəb oldum, xəlifəni və qonşu hökumətləri bu ittifaqa cəlb etdim, nəhayət, Qızıl Arslanı təklədim. İndi isə məsələnin həlli sənin qılıncına həvalə olunur. Buna sözün nədir? Bizim xoşbəxtliyimizi geri atan səbəblərdən birisi də, ancaq Qızıl Arslanın diri qalmasından ibarətdir. O nə qədər sağdırsa bizim izdivacımız baş tuta bilməyəcəkdir. Hüsaməddin fikrə getdi, çünki Qətibənin təklif etdiyi bu cinayət daha ağır cinayət idi, çünki Qızıl Arslan qətl olunduğu zaman məmləkətin tamamilə dağıla biləcəyi ehtimalı var idi. Eyni zamanda o, Qətibəni əldə etmək üçün başladığı işləri də tamamlamağa məcbur idi. O, başını qaldırıb: – Mələkə, qorxuram! – dedi. – Sənin qorxaq olduğunu əvvəldən bilsəydim, səninlə bu qədər məsuliyyətli işlərdə iştirak etməzdim. Çünki qorxaqlıq hər bir təhlükəni törədə bilər. – Mələkə bəlkə də məni anlamadığı üçün bu sözləri deyir. Mənim qorxum Qızıl Arslanı öldürməkdən deyil, məmləkəti ölümə məhkum etməkdəndir. Biz Atabəy Məhəmmədi məhv etdiyimiz zaman, Qızıl Arslanın məmləkəti idarə edə biləcəyinə inanırdıq. Hazırda Qızıl Arslan öldürülərsə məmləkəti kim idarə edə biləcəkdir? Gənc və təcrübəsiz vəliəhd ətrafı düşmənlərdən ibarət olan bir məmləkəti nə kimi bir qüvvə ilə idarə edə bilər? – Məmləkət sahibsiz deyil, bu gün Qızıl Arslan aradan qaldırılarsa, sabah sən Hüsaməddin, az bir miqdar qoşunla Kəhran qalasına gedər, orada həbs edilən Toğrulu azad edib Həmədana gətirərsən, biz onu burada padşahlıq taxtına əyləşdirərik. Hüsaməddin çox açıq danışdı: – Bu qədər mürəkkəb olan məsələlər asanlıqla həll ediləcək məsələlərdən deyildir. Mən mələkənin Toğrula ərə getmək istədiyini bilirdim. Lakin mələkə bu izdivacla öz arzularına nail ola bilməyəcəkdi. Çünki Toğrul öz doğma oğlu Məlikşahı vərəsəlikdən məhrum edib mələkənin oğlu Qütlüğü vəliəhd təyin etməyəcəkdi. Qızıl Arslanın Həmədana hücumu və Toğrulu həbsə aldırması bu məsələni həll etdi. Mən bilirdim ki, mələkə Toğruldan gözlədiyi arzuları Qızıl Arslandan da gözləyirdi, lakin mələkə bu arzularına da nail lda bilmədi. Çünki Qızıl Arslan mələkəyə evlənmək üçün Azərbaycan xalqının sevdiyi vəliəhdi kənar edib mələkənin oğlunu vəliəhd təyin edə bilməzdi. Hazırda Qızıl Arslan öldürülsə belə, siz yenə də Toğrul ilə əvvəlki oyunları oynamağa başlayacaqsınız. Mənsə iki hökmdarın qətlinin məsuliyyətini boynumda daşımalı olacağam. Tarixin və xalqın haqlı olaraq verdiyi lənətləri qazanacağam. Yaxşı olardı ki, mələkə mənim yaxamı buraxaydı. Mən indi-indi bilirəm ki, mənim gəncliyim həyata keçirilməz bir arzunun təpikləri altında əzilib məhv edilmişdir. Qırx beş yaşına çatdım, məqsədimə çata bilmədim, geniş bir məmləkətdə doğulduğum halda vətəndaşlıq haqqımı itirdim. İndi mən hara gedə bilərəm? Qılıncımı götürüb hansı bir məmləkətə gedərsəm, yenə də məni öz vətənimə qarşı xəyanətə məcbur edəcəklər, çünki bu vəziyyəti mən özüm qazanmışam, çünki mələkə məni öz sevgisinə inandırmışdı. Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim. Hüsaməddin istədiyi qədər danışdı. Qətibə onu sakit-sakit dinləyirdi. Hüsaməddin sakit olandan sonra Qətibə danışaraq dedi: – Arzuya, hətta çətin arzulara da nail olmaq üçün əsas vasitə vəziyyəti öyrənməkdir. Xoşbəxtliyin qapısını açmaq üçün gözüaçıq olmaqla bərabər səbirli və mətanətli olmaq da lazımdır. Mən sənin düşündüyün kimi rəftar etsəydim, sənin dediyin kimi tələsmiş olsaydım, ikimiz də məhv ola bilərdik. Mən iki padşahın gözünün qarşısında öz ərimin qatilinə ərə getsəydim, onlar bu hadisəyə nə kimi bir nəzərlə baxa bilərdi? Biz elə bir izdivacdan rüsvayçılıq və ölümdən başqa bir nəticə əldə edə bilərdikmi? Sənə sual verirəm, mənə cavab verməlisən... Mən adi bir qadın olsaydım, bu barədə düşünməyə heç bir lüzüm yox idi. Nəhayət, sən mənim kim olduğumu nəzərdə tutmalısan, ya yox? Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz. Sevgimin aldadıcı və boyalı olduğuna işarə edirsən. Bir məmləkətin mələkəsi öz dodaqlarını və öz qəlbini bir adamın sərəncamına verərsə, onun sevgisinə boyalı və aldadıcı sevgi adını vermək, sevgiyə qarşı nankorluq və xəyanət deyildirmi? Ağıllı adamlar sevgidən xoşbəxtlik qazanmağa çalışmalıdır, lakin sən rüsvayçılıq və təhlükə qazanmağa çalışırsan. De görüm nəsihətlərimi təsdiq edirsənmi? Hüsaməddin yavaşdan: – Təsdiq edirəm, mələkə, – dedi. Hüsaməddin Qətibənin otağından çıxdıqda gecədən çox keçmişdi, Qətibə onunla vidalaşdığı zaman: – Mənim ruhum! Xoşbəxtliyə gedən yolun çox hissəsini getmişik, yorulma, bu yolu da müvəffəqiyyətlə getmək lazımdır! – dedikdə Hüsaməddin bir daha onu qolları arasına alıb sıxdı və dodaqlarından öpərək: – Bu yolu axıra qədər davam etdirəcəyəm, mələkə bu sözümə inana bilər, – dedi və qapını örtüb çıxdı. * * * Qızıl Arslanın düzəltdiyi İraq və Reydən gəlmiş qonaqların heyrətinə səbəb olmuşdu. Onlar heç bir zaman Qızıl Arslanı bu gündə olduğu kimi şad görməmişdilər. O, hər piyaləni əlinə aldığı zaman bir şeir oxuyurdu, eyni zamanda özü üçün təkiyeyi-kələm etdiyi: “Ey əcəl tez gəl, bu dirilik məni həlak edir” sözləri də onun qəlbində hakim olan kədərlərin nə qədər kəskin olduğunu bildirirdi. Nəhayət, o, əlini uzadıb qarşısında qoyulan güldandan bir gül qoparıb, gülə baxaraq bu rübaini oxudu: Ey gül tü nişati padişahan budi, Arami-dili həzar dəstan budi, Bain həmə xubiyo lətafət ki torast Axir nə bəziri-payi məstan budi. Qızıl Arslan bu rübaini oxuyandan sonra eyvanın qarşısındakı bağçaya baxaraq danışırdı: – Heç bir şeydə şadlıq hiss edə bilmirəm. Mən indi-indi düşünürəm ki, şərab da, gözəllik söhbəti də, güllərin və çiçəklərin tamaşası da, insanda bir şadlığa səbəb ola bilməzmiş, çünki bu saydıqlarımın nəşəsini də insan özündə mövcud olan bir şadlıqla duya bilər. Şad və bayram nəşəsini daşıyan bir qəlbə matəm girə bilmədiyi kimi, matəmli bir qəlbə də bayram nəşələri yol tapa bilməzmiş. Qızıl gülün çöhrəsi də bir atəş olub mənim varlığımı yandırmaq istəyir, bənövşələr sanki böyük bir matəmin qara pərdəsinə bürünmüşdür. Yasəmənlər tabutun üzərinə döşənmiş bir ananın saçlarını təmsil edir. Bülbülün səsi də anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir. Söyüdlərin bir-birinə qarışmış və başını aşağı dikmiş şaxələri də Leylisindən ayrılmış Məcnunun saçlarını təqlid edir. Nərgizin göz bəbəyində də ölüm ayağında duran bir xəstənin həsrətli baxışları duyulur. Kələbəklərin titrək qanadları qərq olmağa başlayan həyat yelkəninin son dəqiqələrini oxuyur. Zanbaq gülünün ağzı da həyatı udmaq üçün ağzını açan bir əjdaha qədər dəhşətli və qorxuludur. Üfüqlərdə görünən qürub şəfəqləri bir günəşin söndüyünü xəbər verir. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. Havaya yüksələn fəvvarə bir məqtulun köksündən fışqıran qanlar qədər heyrətvericidir. Hovuzlarda üzən ördəklər də “ölüm-ölüm” deyə qışqırmaqdadırlar. Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşü qanlı bir yatağın görüşünü qədər kədərəngizdir. Qızıl Arslanın işrət məclisi gecə saat ikiyə qədər davam etdi. Qonaqlar gedəndən sonra cariyələr hökmdarı götürüb öz otağına gətirdilər. Lakin gündüz saat on ikidən gecə saat ikiyə qədər davam edən işrət məclisi hökmdarın üzərinə hücum etmiş kədərləri dağıtmağa müvəffəq ola bilməmişdi, o, yataq otağına girdiyi zaman bir ah çəkərək: – Bu gecə nə qədər kədərli və qorxulu bir gecədir! – dedi. O, yerinin içərisində uzanıb düşünür və öz səhvinin nəticəsi olaraq düşdüyü yalqızlıqdan şikayətlənirdi. Ətrafında düşmənlərdən başqa kimsəni görməyirdi, sərhədlərdən gələn xəbərlər də onu rahatsız edirdi, paytaxt isə hadisələr və macəralar yuvasına dönmüşdü. O, bir daha gözlərini yumub ah çəkdi və: “Ey əcəl, tez gəl, bu dirilik məni həlak etdi” – dedikdə qulağı bir səs eşitdi: – “Hökmdar, əcəl sizin hüzurunuzdadır, icazə verin vəzifəsinə başlasın!”. Qızıl Arslan bu səsi eşidərkən diksinib gözünü açdı, öz qarşısında Hüsaməddini gördü, heç bir söz demədi. Onun nə üçün gəldiyini dərhal hiss etdi və: – Vəzifəni bitir! – dedikdə Hüsaməddin qılıncını beş dəfə onun üzərinə endirdi. * * * Atabəy sarayına və Qızıl Arslan sarayına qara çəkilmişdi. Qətibə saçlarını Qızıl Arslanın tabutu üzərinə töküb ağlayırdı; eyni zamanda Atabəy meydanında qırx dar ağacı cərgə ilə quruldu. Paytaxtda xalq arasında yayılmış şayiələrə görə Fəxrəddin və Əlaəddinlərin göstərişlərinə görə Həmədanda yaşayan azərbaycanlılar Qızıl Arslanı gecə öz sarayında öldürmüşlər. Otuz doqquz nəfər günahsız azərbaycanlı, Qızıl Arslan sarayının xidmətçilərindən də bir nəfər dara çəkiləndən sonra Qətibə Hüsaməddini öz yanına çağırdı və tapşırıq verdi: – Sən bu saat yüz nəfər atlı ilə bərabər Kəhran qalasına getməlisən. Hüsaməddin: – Nə üçün? Qızıl Arslanın ölüm xəbərini Toğrula yetirmək üçünmü? – deyə təəccüblə soruşdu. – Bu hadisəni xəbər vermək, eyni zamanda əlahəzrəti həbsxanadan azad edib böyük bir ehtiramla paytaxta daxil etmək lazımdır. – Zənn edirəm ki, bununla da sizin Toğrul ilə olan izdivacınıza imkan yaratmaq lazımdır, – deyə Hüsaməddin istehza ilə güldü. – Mən elə bilirəm ki, iki hökmdarı öldürməyi bacaran bir zat, uzaqgörücü siyasi düşüncəli bir zat olmalıdır. Sən bilirsən ki, Toğrulda hökumət və dövlət idarə edə biləcək şüur yoxdur. Lakin məmləkətin başında dəyərli olsun, dəyərsiz olsun, bir nəfərin durması lazımdır. Bu xalq nə sənin, nə də mənim oğlumun taxta oturmasını təsdiq etmək istəməz. Lakin Toğrul bu məmləkətin həqiqi varisidir. Biz onun vasitəsilə hər işi görə bilər, onun gözü qarşısında da evlənə bilərik. Hüsaməddin, sənə and içirəm! Mən onun qadını olmayacağam, onunla mənim aramda gedən izdivac müzakirələrinin hamısı oyundur, mən onu aldadırdım, o da vaxt qazanmaq üçün məni aldadır və süründürürdü. Ağıllı ol, Toğrul taxta oturmadan tabuta girə bilməyəcəkdir. Onu da bilməlisən ki, bundan sonrakı vəzifələr mənim öz öhdəmdədir. Toğrulu burada, Əbubəkri isə Təbrizdə məhv etdirəcəyəm. Qətibə bunları danışdığı zaman Hüsaməddin də öz xəyanətinin tarixini əzbərləyir və Qətibənin macərası nəticəsində məhv olan günahsızların miqdarını sayırdı. Hüsaməddin iki hökmdar, altmış nəfər də sırf günahsız adamın edam olunması məsuliyyətini daşıyırdı. Bunların müqabilində isə fəqət beş dəfə Qətibənin dodaqlarından öpə bilmişdi. Artıq o yorğun idi, ümidsizlik özünün bütün çılpaqlığı ilə ona görünməyə başlamışdı. Qətibə onun gözlərinə baxdığı zaman onda qeyri-adi bir düşüncə doğduğunu dərhal hiss edərək qorxdu və qəlbində: “İki hökmdarı məhv edə bilən, bir Qətibəni də həyatdan ayıra bilər” – deyərək titrədi və düşündü: “Mən istəsəm bu saatın özündə Hüsaməddini Qızıl Arslanın qətlində töhmətləndirib edam etdirə bilərəm, lakin Hüsaməddin gələcəkdə yenə də mənə lazımdır. O, artıq vicdanını uduzmuş bir adamdır. O öz nicatını, xəyanəti davam etdirməkdə aramaqdadır. Bu təbii haldır, çünki mən onu bu xəyanətə alışdırmışam. Mən bu işə başqasını hazırlaya bilməyəcəyəm, çünki gənclik uzaqlarda qalmış, gözəllik isə dağın arxasına çəkilən günəşin son ziyaları qədər bir ömrə malikdir. Bundan sonra heç bir ağılsız gənclikdən uzaqlaşan bir qadını əldə etmək üçün əlini qana batırmaz”. Qətibə həmin fikirlərdən sonra Hüsaməddinə tərəf gəlib əlini onun çiyninə qoyaraq dedi: – Əziz dostum, mən iki məsələni həyata keçirmək üçün çalışıram. Onlardan birisi oğlumun vəliəhdliyini təsdiq etdirmək, ikincisi də səninlə qurmaq istədiyim ailə həyatını maneəsiz yaşatmaqdan ibarətdir. Maneələrin çətini və qorxulusu aradan qaldırıldı. Toğrulun mövqeyi sabunun köpüyü qədər də möhkəm deyildir. Lakin o bizə lazımdır. Ümumi təhlükəni yalnız onu taxta əyləşdirməklə aradan qaldıra bilərik. Sən görürsən ki, Qızıl Arslanın tabutu aralıqdan qaldırılmadan iraqlılar məmləkəti bölüşdürmək üçün layihə düzəldirdilər. Məmləkət başqalarının əlinə keçərsə, sən Hüsaməddinin və mən Qətibənin nə kimi bir əhəmiyyəti ola bilər? Bizim hər ikimizi bir xain və bir qatil kimi cəzalandırar və rüsvay edərlər. Biz öz arzularımızı iki nəfər adi adam kimi deyil, iki nəfər hökmran kimi həyata keçirməliyik. Bunun üçün də Toğrulun təcili surətdə Həmədana çağırılması lazımdır. Çünki bizim iqbalımız onun iqbalına bağlıdır. Bu məmləkəti ancaq onun vasitəsilə öz əlimizə keçirə bilərik. Sənə mühüm bir məsələni də xatırladıram. Artıq şəxsi məsələləri irəli çəkməyin vaxtı deyil, biz bununla hər bir şeyi uduza bilərik. Əvvəlcə məmləkəti öz əlimizdə təhkim etməliyik, sonra da izdivac məsələsini həyata keçirməliyik. Sən Hüsaməddin adi bir qəhrəmansan, sənin kimilər çoxdur, sənin şərəf və şöhrətin bir məmləkətin mələkəsinə evlənməkdən asılıdır. Hüsaməddin qəlbində Qətibənin dedikləri ilə yüz faiz razılaşdı, o bu məsələlərin Toğrul ilə bitəcəyinə inandı, eyni zamanda yenə də: “Yolun yarısından qayıdıb qaçmaq da ağılsızlıqdır. Mən artıq əlimi qana boyamışam” – deyə düşünürdü. Bu fikrin təsiri ilə də Qətibəyə dedi: – Eybi nədir? Mələkə dediyi kimi olsun. Lakin səbrin də bir intihası olmalıdır. Ancaq mələkə də onu bilməlidir ki, mən bu həyatın şəklini dəyişməyi də bacara bilərəm. Qətibə yenə də nəsihətverici bir vəziyyət alıb: – Sən öz üzərində olan tarixi ləkələri ancaq mənim razılığımı əldə etmək və dediklərimi həyata keçirməklə öz üzərindən təmizləyə biləcəksən, – dedikdə, Hüsaməddin də: – Mən bütün həyatımı müharibələrdə keçirdim. Üzərimdə olan ləkələri bir qadının rizasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür, – dedi. Qətibə onun sözündən ölüm təhdidini anladı və cavabında: – İki padşahın məsələsini həll edə bilən qadın, adi bir şəxsin məsələsini də həll edə bilər, – dedi. – Siz adi bir adamla iş tutmayırsınız. Bir də bəzən adi adamlar da fövqəladə hadisələr yaratmağı bacarırlar. – Etiraf edirəm. Sən danışdığın məsuliyyətin bir hissəsi də mənim öhdəmdədir. Tərəzinin bir gözündə sən, ikinci gözündə isə mən durmuşam, bizim ikimizdən birimiz müvazinəti itirmiş olursaq, ikimiz də məhv olarıq. Ölmək və öldürmək düşüncələri imkansızlıqdan doğur. Mən sənə dirilik yolunu göstərdiyim zaman sənin ölüb və öldürmək haqqındakı düşüncən yersizdir. Mən zənn edirəm ki, sənin bitirdiyin vəzifələr bir şüursuzluğun nəticəsi deyil. Madam ki, bu vəzifələri bir məqsədlə əsaslandırmışsan, o zaman vəzifəni tamamlamaq işində yabançı fikirlərə imkan verməməlisən. Mən sənin aralığa sürdüyün şəxsi arzulara bu saatın özündə cavab verə bilərəm. O bir neçə dəqiqənin işidir. Lakin mən sənin vicdan və şərəfini ləkələndirməmək üçün bunu istəmirəm. Mən istəyirəm ki, sən mənə bir fahişə kimi deyil, öz ərinə sadiq, şərəfli, namuslu bir qadın kimi sahiblənəsən. Mən sənin bəzi xırda tələblərini həyata keçirməklə sənə öz sevgimi və məhəbbətimi bildirmək istəmişəm. Sən bilirsən ki, mən Atabəy Məhəmmədi sevmirdim, onunla uzun illər yaşadığım zaman ancaq bir uşaq anası oldum. Çünki o məni sevgimdən ayırmışdı, o məni sənin əlindən alaraq sahiblənmişdi. Mən şairdən sonra səni intixab etmişdim, lakin o, mənim arzularıma maneə törətdi, bunun üçün də ondan intiqam aldım. Lakin bu intiqam bir şəxsin həyatında deyil, bir xanədanın şəxsində həyata keçirilməlidir. De görüm, sən bu işdə axıra qədər iştirak edəcəksənmi? Hüsaməddin: – İştirak edəcəyəm, – dedikdə, Qətibə onun boynunu qucaqlayaraq dodaqlarından öpdü və əvvəlki sözlərini təkrar edərək: – Bir az da səbr et, mənim ruhum, dalısı sonra! – dedi. * * * Toğrul Həmədana gələn kimi Qətibə Atabəy sarayını təziyə məclisinə çevirmişdi. O, Toğrul ilə görüşməyə tələsirdi, birinci dəfə ancaq təziyə bəhanəsilə görüşə biləcəkdi. Çünki Toğrul Həmədana gələn gündən bəri nə Qətibəni yanına çağırmış, nə də onun görüşünə getmişdi. Çünki Toğrul Qətibə ilə yaxınlaşmağın azərbaycanlılardan uzaqlaşmaq demək olduğunu çox aydın bir surətdə bilirdi. Buna görə də o, Qətibənin gözünə görünmək istəmirdi. Lakin Qızıl Arslanın təziyəsi Toğrul ilə Qətibənin görüşünə səbəb oldu. Qətibənin qarşısında duran təzə məsələ olduqca mürəkkəb bir məsələ idi. O, Toğrul ilə həll ediləcək bu məsələlər haqqında belə bir layihə hazırlamışdı: Toğrula ərə gedəcək, oğlunu vəliəhd, özünü isə mələkə elan etdirəcək idi. Öz bacısı Təliə vasitəsilə Əbubəkr ibn Məhəmmədi Təbrizdə zəhərləyəcək, sonra da Hüsaməddin vasitəsilə Toğrulu məhv edəcək və oğlunu padşah elan edəcəkdi. Bu tədbirlərin hər üçünü həyata keçirmək çətin idi. Əvvəla, Toğrul onu aldadır və ona evlənmək istəmirdi, çünki o, heç vəchlə oğlu Məlikşahın varisliyini Qütlüğ ilə əvəz etmək istəmirdi. İkincisi, Təliənin Əbubəkri zəhərləyə biləcəyi şübhəli idi. Çünki Təliə ilə Əbubəkrin məktublaşması onların arasında bir sevgi mövcud olduğunu göstərirdi. Üçüncüsü, azərbaycanlıların Əbubəkrdən başqa birisini vəliəhd tanımaq istəməməsindən ibarət idi. Toğrul, Qətibənin Qızıl Arslana təziyə saxladığını eşidərək cariyəsi Cadunu axşam saat səkkizdə Atabəy sarayına göndərib baş sağlığına gələcəyini xəbər vermişdi. Axşam saat səkkizdə Toğrul Qətibənin otağına daxil olduğu zaman, onu başından ayağına qədər qara ipəyə bürünmüş gördü. Qətibə onu qarşıladı və ağlayaraq: – Əlahəzrət! Bədbəxt və mərhum qardaşınızın tərəfindən başınız sağ olsun. Düşmən öz işini işlədi. Nə etmək? Bizim xanədanın iqbalı belə məsləhət görmüşdür. Toğrul Qətibəyə təsəlli verib dedi: – Müsibətimiz olduqca böyükdür. Əcəba, qatillər həbsə alınmışdırmı? – Bəli, alınmışdır. Haman gün edam etdirdim. Toğrul dərhal məsələni anladı. Çünki Atabəy Məhəmmədin qətlində də Qətibə dəlləyi dərhal qətl etdirib, cinayətin ifşa edilməsinə imkan verməmişdi. Toğrul Qətibəyə sual verdi: – Qardaşımı öldürənlər kim idi? – Azərbaycanlılar idi. – Onların bu cinayəti işləmələrinin səbəbi nə idi? – Onları bu cinayətə məcbur edən Fəxrəddin və Əlaəddindir... Onlar Əbubəkri hökumət başına keçirmək istəyirlər. Qatillər bunların hamısını boyunlarına götürdülər. Toğrul bu ölümün mündəricəsini çox gözəl bilirdi. Lakin Qətibəni ayıq salmamaq üçün Qətibəyə yavaşdan dedi: – Elə isə Əbubəkrin barəsində düşünmək lazımdır. Zənnimcə, onu paytaxta çağırıb burada məhv etmək lazımdır. Qətibə buna etiraz edərək: – Bu fikir ilə razılaşa bilmərəm. Əvvəla, o bizə inanıb Həmədana gəlməz, buna azərbaycanlılar da imkan verməzlər. Çarəsi birdir: Toğrul həzrətləri Əbubəkrin vəliəhdliyini təsdiq etməlidir. Toğrul təəccüblü bir sual verdi: – Onun vəliəhdliyini təsdiq etməkmi? – Bəli, təsdiq etmək. Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. Mən haman fərmanı götürüb Azərbaycana gedərəm. Orada Qızıl Arslanın təziyəsini saxladığım zaman Azərbaycan ziyalıları ilə görüşüb onların fikrini öyrənərəm. Eyni zamanda özümlə bərabər Azərbaycana götürəcəyim Təliənin vasitəsilə Əbubəkrin ölümünə zəmin hazırlaya bilərəm. Burası çox da çətin deyil. Tədbiri həyata keçirəndən sonra, saray cariyələrindən birini edam etdirər və şəhərə belə bir şayiə buraxdıraram: “Vəliəhdi sevmiş cariyə onu Təliəyə qısqanaraq zəhərləmişdir”. Qətibə bu sözlərdən sonra Toğrula sual verdi: – Əlahəzrət mənim bu fikrimi bəyənirmi? – Təqdir və təbrik edirəm, mələkənin bu işlərdə olan təcrübə və maharətini bilməmiş deyiləm. Bu vəzifələr layiqilə həyata keçəndən sonra başqa maneələri aradan götürmək çox çətin deyil. Çünki Əbubəkr aradan götürüləndən sonra azərbaycanlılar ümidsizliyə düşəcəklər, çünki onların vəliəhd namizədliyinə başqa adamları yoxdur. O zaman sənin oğlun heç bir maneə görmədən vəliəhdin mərtəbəsini işğal edər. Mən də hadisələrdən yorulmuşam, səhhətim pozulubdur, mələkə ilə bərabər istirahətə başlanq, vəliəhdliyi Qütlüğ İnanc, hökmdarlığı isə oğlum Məlikşaha tapşıranq. Qətibə Toğrulun bu sözlərindən sevindi, bütün məsələləri bitmiş hesab etdi və son sualını verdi: – Bəs mənim öz məsələm necə olsun? – Mələkənin məsələsi bizim şəxsiyyətimizə dair məsələlərdəndir. Qızıl Arslanın təziyəsini başa verəndən sonra, yenə də paytaxta qayıdarsınız. O zaman vəliəhd Əbubəkr də aradan götürülmüş olar. Burada sizin mələkəlik və oğlunuzun vəliəhdliyini elan edərik. Toğrulun bu yağlı sözlərindən sevinən Qətibə hönkür-hönkür ağladı, gözlərində oynamağa başlayan şadlıq buludlarının ilk damcıları düşməyə başlayaraq ağlaya-ağlaya dedi: – Mən bu günləri böyük bir intizarla gözləyirdim. Mən ancaq əlahəzrətin kölgəsini öz üzərimdə gördüyüm zaman özümü xoşbəxt hesab edə biləcəyəm. Toğrul isə bunun cavabında: – Gözəl və möhtərəm mələkə, dediklərimin səmimi olduğuna inana bilər, – deyərək vidalaşdı. * * * Sevgi və zəhər Atabəy Məhəmmədin mələkəsi Qətibənin Təbrizə gəlmək xəbəri Azərbaycan hökuməti dairələrində o qədər də səmimi qarşılanmadı. Lakin Əbubəkr rəsmi olaraq Qızıl Arslan sarayında lazımi hazırlıq görülməsinə əmr vermişdi. İstiqbal mərasimi isə düzəldilməmişdi. Qətibə bunu heç bir vaxt xəyalına gətirmirdi, o, özünün Təbriz altında əyan və ruhanilər tərəfindən qarşılanacağına inanırdı. Lakin o, Vasmınc şəhərinə yetişdiyi zaman özünün arzularından bir əsər qalmadığını gördü. Bir nəfər də olsa istiqbala çıxan yox idi. Buna görə də onun qafiləsi Vasmıncda bir gün qalmaq və mələkənin şəhərə yaxınlaşdığını vəliəhdə xəbər vermək qərarına gəlmişdi. Bir gün əvəzinə Vasmıncda iki gün oturdular, lakin istiqbala çıxan olmadı. Nəhayət, onlar şəhərə gecə vaxtında girmək üçün Vasmınc şəhərindən çox təxirlə çıxdılar və gecədən çox keçmiş şəhərə girdilər. Qətibənin qafiləsini Qızıl Arslanın sarayının qarşısına qədər küçə dilənçiləri ilə bazar qarovulçuları müşayiət etdi. Təbriz xalqının Qətibəyə qarşı qoyduğu bu etinasızlıq Azərbaycan xalqının ona bəslədiyi böyük bir nifrətin kiçik nümunəsi idi. Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxtrəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. O, Təbrizə gəlməyindən tamamilə peşman olmuşdu, qanı qaralmışdı, öz-özünü söyürdü. O, özünün nə qədər alçaldığını hiss edir və düşünürdü. Taxt-rəvan Qızıl Arslan sarayının qarşısına yetişdiyi zaman vəliəhdin özü və bir dəstə saray xidmətçiləri onu qarşıladılar. O, Qızıl Arslan sarayına matəm libasında girdi, vəliəhdi qucaqlayıb öpdü və ağlaya-ağlaya: – Əziz oğlum! Əmin tərəfindən başın sağ olsun! – dedi. – Bizim qəlbimizə ikinci yaranı vurdular. Bu yaralar sağalmaz yaradır. Xanədanımızı məhv etmək üçün düşmənlərimiz hər cür alçaqlıqlara hazırdır. Oğlum! Bundan sonra öz həyatını qorumalısan. Vəliəhd ögey anasının bu sözlərindən həddindən artıq kədərləndi, lakin Qətibənin yanında onun kiçik bacısı Təliəni gördüyü zaman onda əski sevgilər bir daha coşdu. Qətibə Təbrizə gəldiyinin birinci günü Qızıl Arslanın təziyəsini elan etdi. Qulplu qazanlar asıldı, yeddi gün, yeddi gecə Təbriz məscidlərində fəqirlərə və dilənçilərə yemək verildi. Seyidlərə, mollalara və müctəhidlərə ehsanlar və hədiyyələr göndərildi. O, Təbrizə gəldiyinin onuncu günü Təbriz əyan və ruhanilərindən bir hissəsini hədiyyələr və ehsanlar nəticəsində ətrafına yığa bildi və böyük bir məclis tərtib etdi. Vəliəhdin katibi, Toğrul tərəfindən göndərilən fərmanı məclisdə oxudu: “Azərbaycan, İraq, Rey və İranın hökmdarı Məlik Toğrul Əbubəkr ibn Məhəmməd ibn Eldənizin vəliəhdliyini təsdiq edir və ona bir şahanə xələt göndərir”. Katib fərmanı oxuyandan sonra qiymətli bir xələt gətirib vəliəhdin çiyninə saldılar. Qətibənin bu sadə və ucuz tədbirləri nəticəsində Toğrul üçün geniş və faydalı bir mövqe qazanıldı. Azərbaycanlılar Toğrulun Əbubəkrin vəliəhdliyinə dair göndərdiyi fərmanı böyük bir şadlıqla qarşıladılar və Toğrulun taxta cülus etdiyi günü təbrik etmək üçün nümayəndələr göndərdilər. Qətibə bu müvəffəqiyyəti əldə edəndən sonra ikinci vəzifəsinə başladı. O, Təliə ilə vəliəhdin arasında mövcud olan sevgiyə öz məzmununu vermək istədi. Lakin Təliəyə bu fikri birdən-birə izah etmək istəmirdi. Təliə günün birində Qətibənin otağına girdiyi zaman Qətibənin hönkür-hönkür ağladığını görüncə heyrətləndi və Qətibənin qarşısında atası Əmir İnancın paltarlarını gördü. Təliə də libasın ətrafında oturub Qətibə ilə bərabər bir qədər ağladı. Sakit oldular, nəhayət, Qətibə əlini Təliənin saçlarında gəzdirərək dedi: – Bədbəxt qız, sən öz atanın nə kimi mehriban və məhəbbətli bir zat olduğunu bilmirsən, çünki o, məhv edilən zaman sən körpə idin. Atanı asdılar, yazıq anamız da kədərindən xəstələnib öldü. Təliə bu sözlərdən sonra: – Sənin əlində ixtiyar olduğu zaman atamın qatillərindən intiqam almağı bacarmadınmı? – İntiqam alıram, yenə də alacağam, əsas məqsədə nail olmaq üçün hökuməti ələ almaq lazımdır. Atanın intiqamını almaqdan ötrü sənin bacın oğlu Qütlüğün hökumət başına keçməsinə çalışmalısan. Sən bu intiqamlara tərəfdar deyilsənmi? Əcəba, sən atanın qatillərindən intiqam almağa tərəfdar deyilsənmi? Sən bacın oğlunun Azərbaycan taxtına oturmasına tərəfdar deyilsənmi? – Ah, bacım, mən nəçiyəm? Mənim əlimdən nə gələr? – deyə Təliə cavab verdi. – İqbalımız bu imkanı sənin əlinə tapşırmışdır. Təliə bu sözdə heyrətli baxışla Qətibənin üzünə baxaraq soruşdu: – Mənim əliməmi? – Bəli, yetim bacım, sənin əlinə. Bilmirəm sən atanın intiqamını almağa qabilsənmi? – Əlimdən gələnləri əsirgəməyəcəyəm. – Vəliəhd ilə olan əlaqən nə yoldadır? Təliə cavab vermədi. Qətibədən utanıb başını aşağı saldı, əllərinə baxmağa başladı. Nəhayət, Qətibə bir də sual verdi: – Vəliəhd ilə olan əlaqən barəsində soruşdum. – O məni qəlbən sevir. – Sən də onu sevirsənmi? – Bacım mənə ixtiyar vermədən, o cəsarəti edə bilərəmmi? – Mən heç vaxt o ixtiyarı sənə verməyəcəyəm, onlar sevməli adamlar deyil. Onların sevgiləri yalan sevgidir. Onları bu hökumətə təsdiq edənlər bizim atamızın qatilləridir. Onlar özü də bizim düşmənimizdir. Vəliəhdin atası əvvəlcə mənim ayaqlarıma düşürdü, tacını mənim qədəmlərimə atır və taxtını mənimlə qiymətləndirmək istəyirdi. Lakin onun məhəbbəti mənim bir uşaq anası olduğum günə qədər davam etmədi, vəliəhdin anasını mənim başıma aldı. Biz bunları məhv edib bitirmədən atamızın qatillərindən intiqam ala bilməyəcəyik. Hazırda vəliəhdin tutduğu mövqe sənin bacın oğlunun əlindən alınmışdır. Təliə düşünərək ümidsiz bir vəziyyət almaqla sual verdi: – O, öz mövqeyini mənim bacım oğluna güzəştə gedə bilərmi? – Heç kəs öz mövqeyini başqasına tərk etməz. Yüksək mövqeləri məcburiyyət nəticəsində əldə edirlər. Mən bu vəzifəni öz doğma bacıma tapşırmaq istəyirəm. – Mən nə etməliyəm? – Vəliəhdi öz cariyələrindən sevən vardırmı? – Hüsniyə adlı bir cariyənin vəliəhdi sevdiyini bilirəm. – Sən onu haradan bilirsən? – Mən daima vəliəhdin otağından çıxdığım zaman onun qapının dalında durub ağladığını görürəm. – Əvvəla sən ondan ehtiyatlı olmalısan. O, vəliəhdə qısqandığı üçün səni məhv edə bilər. – O mənə heç bir şey edə bilməz. Çünki mən heç bir zaman vəliəhdlə bir yerdə yeyib-içmirəm. – Hərgah indiyə qədər yeyib-içmirsənsə bundan sonra onunla birlikdə yeyib-içməlisən, çünki həyata keçirmək istədiyimiz məqsəd bunu tələb edir. – Nə kimi məqsəd? – Vəliəhdi zəhərləyib hökmdarlığı İnanc ailəsinə tapşırmaqdan da müqəddəs bir məqsəd ola bilərmi? Qətibənin bu sözündən sonra Təliənin bütün varlığı titrədi və qız qorxdu. Qətibə isə ondakı qorxunun dərinləşməsinə imkan verməmək üçün sözünü davam etdirdi: – Sən ona zəhəri içirən kimi, mən də onu sevən Hüsniyə adlı cariyəni həbsə aldırıb vəliəhdi zəhərlədiyi üçün edam etdirəcəyəm. Azərbaycanlılar da cariyənin qısqanclıq təsirində vəliəhdi zəhərlədiyi şayiələrini eşidəcəkdir. – İndi də görüm sən mənim bu tədbirimi bəyənirsənmi? Təliə ona yavaşdan cavab verdi: – Bəli, bəyənirəm, – dedi və dərin bir düşüncənin qoynuna girdi. Qətibə qoynundan balaca bir şüşə çıxarıb: – İndi ki, fikrimi bəyənirsən, al bu zəhəri, sabahdan etibarən işə başla, – deyərək şüşəni ona uzatdı və əlavə etdi: – Söz verirsənmi? – Bəli, söz verirəm! * * * – Mən heç də inana bilmirəm, hərgah sənin dediklərin doğru olsaydı, iki şeydən birisi olmalı idi. Əbubəkr Təliənin bu sözlərindən sonra ona sual verdi: – Dediyin iki şey nədən ibarətdir? – Onu sən bilmirsənmi? – Xeyr, bilmirəm. – Sən daima deyirsən ki, Təliə, səni heç bir vaxt unuda bilmirəm. Hərgah bu doğru olsaydı, ya mən Təbrizdə olmalı idim, yainki sən Həmədanda yaşamalı idin. Belə deyilmidir? – Mən Təbrizdə olsa da, daima sənin sevgini öz qəlbimdə yaşadırdım. – Mən yaşadıqca o sevgi də sənin qəlbində yaşayacaqdırmı? – Sevgi ölməz şeydir. O daima gəncdir. O qocalmaq bilməz. – Belə deyil. İnsanlar həyatının bir dövrünü sevgi, başqa bir dövrünü də sevginin xatirələri ilə başa verib bitirlər. Məncə əbədi qalan şey sevginin özü deyil, onun unudulmaz xatirələridir. Zənnimcə, vəliəhdin qəlbində yaşayan, mənə olan sevgisi deyil, o sevginin xatirələridir. Vəliəhd güldü və Təliənin üzünə diqqətlə baxaraq dedi: – Zənnimcə, bir gəncin sevgisi hələ inkişaf dövrünü bitirmədən xatirə şəklinə düşə bilməz. Sevgi dünyasında yaşamadan, onun eniş və yoxuşunu görüb, isti və soyuğunu çəkmədən əvvəl ondan xatirələr almaq fikri doğru fikir deyildir. Mənim Təbrizdə, sənin isə Həmədanda olduğuna gəldikdə, bilməlisən ki, müvəqqəti ayrılıq sevginin inkişafı üçün geniş bir yol açmış olur. – Təbiət insanda qəlbləri oxumaq qabiliyyətini yaratmış olsaydı, dünyada sevgi və məhəbbət sözləri bu qədər uzun ifadələrə səbəb olmazdı. – Mən bunu əksinə düşünürəm. Təbiət insanlarda qəlbləri oxumaq imkanını yaratsaydı, insanlar bir-birinin haqqında fəna düşünməkdən utanar, birliyə çalışar və ikiüzlülüyə öyrənməzdi. Xüsusən gözəl Təliə də mənim qəlbimi oxuya bilərdi və özünə məlum olmayan həqiqətlər haqqında məlumat əldə edərdi. – O həqiqət hansı həqiqətdir? – Sənin inandığın sevginin həqiqətləridir. – Mən səndə bir sevginin mövcud olduğuna inanıram, çünki dünyada sevgisiz insan ola bilməz. Vətənini sevən, millətini və qohumunu sevən, insanlığı sevən, elmi, fənni sevən, məzlumları, əzilənləri və sairələri sevənlər vardır. Bunların içərisində gözəlliyi, şeri, ədəbiyyatı sevənlər də az deyil. Vəliəhddə bu saydıqlarımdan birisi olmamış deyildir. Mənim bilmədiyim bir şey varsa, o da vəliəhdin bu saydıqlarımdan hansı birini sevməsindən ibarətdir. Şeri sevdiyini bilirəm, çünki sənin məşhur şairləri oxuduğunu görmüşəm. – Demək ki, gözəl Təliə mənim gözəlliyi təqdir etdiyimi bilirmiş?! – Xeyr, mən gözəlliyi demədim, şeri sevdiyini dedim. – Onların ikisi də birdir; şeir gözəllik, gözəllik də şeirdir. Şeirdə işlənən bədiilik kəlməsinə lazımi məna vermək mümkün olsaydı, ona ancaq gözəllik adı verilə bilərdi. Gözəl bir qızın söhbətindən alınan bədii nəşələrin, bədii şeirdən alınan nəşələrdən heç də fərqi yoxdur. Lakin mən gözəl Təliənin şeir sevmədiyini bilirəm. – Bunu sən haradan bildin? Bu fikrin doğru fikir deyildir. – İki gözəl bir-birini sevməz, çünki sən də gözəlsən, şeir də gözəldir. – Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqilə oxuyanları da dost tuturam. Vəliəhd bu sözdə Təliəyə sual verdi: – Əcəba, mən şeri yaxşı oxuya bilmirəmmi? – Çox gözəl oxuyursan. Mən daima sənin şeir oxumağını sevirəm. – Ancaq şeir oxumağımı sevirmənmi? Özümü sevmirsənmi? – Nə üçün sevmirəm, sevə bilərəm, lakin bir şərtlə! – Hansı şərtlə? – Mənim sevə biləcəyim şeirləri oxumaq, sevmədiyim şeirləri atmaq şərtləri ilə. – Sən bilirsən ki, mən daima Şərqin məşhur şairi Nizamini oxuyuram. Əcəba, bu şeirlər səni maraqlandırmırmı? – Xeyr, maraqlandırmır, çünki incə şeir yazan hər cəhətcə incə olmalıdır. Mən heç bir zaman Nizamini sevə bilmərəm. – Nə üçün? Sənin o möhtərəm şairə qarşı bəslədiyin bu nifrətin səbəbi nədir? – Çünki o, azərbaycanlıdır. O mənim atamın qatilləri yaşayan bir şəhərin şairidir. – Nə qədər yanlış fikir! Bilmirəm, bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. O möhtərəm şairi hər kəs sevmirsə sevməsin, lakin sən Təliə onu sevməli və ona hörmət bəsləməlisən. Təliə qaşlarını dartaraq soruşdu: – Hansı səbəblər üçün? – Çünki sənin həyatın ona minnətdardır. O, Gəncə hadisəsində səni yanğınların içərisindən çıxarıb evinə aparmışdı. Sənin xəstələnmiş ananı öz evində mühafizə edib ölümdən qurtarmışdır. Sən onun qadını Rənanın döşlərini əmib bütün bir ayı orada yaşamışsan, sonra da sənə və anana kömək verib bacının yanına göndərmişdir. Sən Təliə, bununla fəxr etməlisən, çünki az bir müddət olsa da, böyük şairin şeir yaratdığı xəzinədə yaşaya bilmisən. – Bəs nə üçün haman şairin adı çəkildiyi zaman mələkə acıqlanır? – Gözəl qız, onun tamamilə başqa bir mənası vardır, vaxtı gələrsə onu da biləcəksən. Təliə bu sözdən sonra vəliəhdin yaxasını buraxmadı, mələkənin Nizamidən incidiyinin səbəbini öyrənməyə tələsdi. Yalvardı, yaxardı, bir qədər də nazlanaraq vəliəhdi razı saldı. Vəliəhd gəlib Təliənin yanında oturdu və Qətibənin Nizamiyə qarşı bəslədiyi nifrətin səbəblərini danışmağa başladı: – Gözəl qız! Bir piyalə zəhəri içmək mümkündür. Lakin ürəyin sevmədiyi bir adama sevgi elan etmək mümkün olan işlərdən deyil. Bir məhəbbəti sərvət və gözəllik ilə də qazanmaq olmaz. Çünki sevgi vicdani bir məsələdir. Buna görə də səni sevə bilməyən bir adama düşmən kimi baxmamalısan. Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. Dünyada saxtalığı, ikiüzlüyü, riyanı və hiyləni sevməyən təmiz və simimi bir şey varsa, o da sevgidir. Hazırda sənə danışdığım bu həqiqətlərin səbəbi nədir ki, bacın mələkə möhtərəm şair Nizamiyə haqsız olaraq nifrət bəsləyir və onun adını eşitmək istəmir. Təliə bu söhbətdən maraqlandı, illərdən bəri onu düşündürən bir müəmmanın açarını tapmağa başlayaraq vəliəhdə sual verdi: – Əcəba, şair bacımı sevirdimi? – Xeyr, bacınız onu sevirdi. Təliə bunu eşidərkən fikirli-fikirli yavaşdan danışdı: – Demək ki, şair bacımın sevgisini rədd etmişdir. O haqlı olsa da, bacım da haqlıdır, çünki bir qızın sevgisini rədd etmək, onu həmişəlik təhqir etməkdir. Vəliəhd bununla Təliədə dönüş yarada bilmədiyini görüb əlavə etdi: – Şair sənin bacının sevgisini rədd etməyə məcbur idi. Çünki sənin bacın ona sevgi elan etmədən əvvəl, haman şair qəlbini başqasına vermişdi. – O kimi sevirdi? – O, səni döşlərində əmizdirən qadını sevmişdi. İndi özün bir təsəvvür et, sənin bacın bu ədavətində haqlıdırmı? – Haqlı deyil! – Təliə bu sözü deyərək yenə də fikrə getdi, vəliəhdin dediyi həqiqətlər onun qəlbində ciddi bir dönüş yaratdı. Bacısının vəliəhdi zəhərləmək barəsində verdiyi tapşırıqlar onu rahatsız etməyə başladı. Təliə qəlbində özünə sual verdi, yenə də özü öz sualına cavab verirdi! “Əcəba, o məni qəlbən sevirmi? Şübhəsiz ki, sevir. O məni sevməsəydi, məni gördüyü zaman bütün varlığı ilə titrərdimi? Əcəba, mən onun rənginin dəyişdiyini görmürəmmi? Ürəyinin çırpıntısını eşitmirəmmi? Bu qədər həyəcan və çırpıntı nədən ötrüdür? O məndən qorxduğu üçün deyil, məni sevdiyi üçün bu həyəcan və bu çırpıntıları keçirir. Əcəba, səni bu qədər sevən və özün də sevdiyin bir adamı nə kimi bir vicdanla məhv edə bilərsən? Bir halda ki, neçə ildən bəri ondan sevgi və hörmətdən başqa heç bir şey görməmisən. Sən o sevgi və ehtiramı nə ilə qarşılamalısan? Sevgilərləmi? Yainki məhvedici zəhərləmi? Əlbəttə, mən onu sevgilər və hörmətlərlə qarşılamağa məcburam. Özü də sevimlidir, qəhrəmandır, gözəldir, gəncdir, mən ürəyimi bundan da başqa kimlərə verə bilərəm?!” Vəliəhd Təliəni düşdüyü sükutun əlindən xilas etmək üçün danışdı: – Mən gözəl qızın bu qədər dərin düşüncəyə daldığının səbəbini bilsəydim, ona kömək edə bilərdim. Çox da düşünməyə gəlməz, həyatımızın günləri o qədər uzun deyildir, onu düşüncələrə, kədərə və yersiz fikirlərə qurban vermək nə lazım. Gözəl Təliə, insanı bu qədər düşünməyə məcbur edən yeganə bir şey vardırsa, o da imkansızlıqdır. Eyni zamanda imkansızlığın özü də insan üçün böyük bir təsəllidir. Madam ki, bir arzu, bir məqsədi həyata keçirməkdə imkansızlıq vardır, o zaman nə üçün düşünmək? Lakin elə bir zaman da olur ki, bir məqsədi həyata keçirmək üçün səndə imkan yoxdursa, bu imkan başqalarında vardır. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. Buna görə də səndə bir kədər oyandığı zaman, kədərinə səbəb olan vasitələri məndən gizlətmə, mən heç kəsə düşmən deyiləm, mən hamının səadətini istəyirəm. Bu sözlər Təliəni fikirlərin pəncəsindən qurtara bilmədi, çünki bacısının tapşırıqları ilan kimi onun qəlbinə sarılıb sıxırdı və hətta bacısının ona dediyi: “Sən onu sevməməlisən” sözünü xatırlayırkən qəlbən inləyir və ağlayırdı. O tez-tez gözlərin açıb vəliəhdə baxdığı zaman, öz qarşısında gülərüzlü, mənalı baxışlara malik, ucaboylu və ucafikirli bir gənc durduğunu görürdü. Təliə qəlbində danışır və deyirdi: “Çox ağıllı, çox da sadədir. Baxışında bir pəhləvan baxışının təsiri vardır. Həm də bir məmləkətin vəliəhdidir. Tutaq ki, bacım bunu sevməməyi mənə tapşırmışdır. Çox da ki, mən bacıma söz vermişəm. Dil ilə ürəyin arasında birlik olsaydı, bacım da öz qəlbini açıb mənə deyərdi. Bacıma söz verən qəlbim deyildi, dilim idi. Mənim qəlbim heç vəchlə buna razılıq verməmişdi”. Təliə sakit oturmuşdu, vəliəhdin dediklərini cavabsız buraxdı. Buna görə də vəliəhd ayağa qalxıb dedi: – Belə anlayıram ki, gözəl qız mənim danışıqlarımdan yoruldu, getmək istədiyi üçün də sözlərimi cavabsız buraxır. Elə isə mən gedirəm. Sən burada otur, indi mələkə də gələcəkdir. Lakin axşam yeməyini bir yerdə yeməliyik. Təliə “axşam yeməyi” sözünü eşidən kimi titrədi, çünki bacısının tapşırdığını axşam yeməyində həyata keçirməli idi. * * * Axşam yeməyindən sonra Qətibə acıqlanmışdı, çünki Təliə onun tapşırıqlarına əməl etməmişdi. Bu gün hər iş və hər şey hazırlanmışdı. Qısqanclıqdan vəliəhdə zəhər verməkdə töhmətlənəcək Hüsniyəni edam etdirmək üçün adamlar da hazır edilmişdi. Hətta cariyənin istintaqında iştirak edəcək şahidlər də Qətibənin sarayında oturub hadisənin baş verməsini gözləyirdilər. Qətibənin tapşırığı ilə hazırlanmış həkim də saraya çağırılmışdı, lakin Təliə tapşırığı təxirə salmışdı. Qətibə ilə Təliə yatmaq üçün otağa girdikləri zaman Qətibə ona acıqla baxıb: – Kişilərin yağlı və boyalı dilləri, zəhərdən daha qorxuludur, – dedi. – Xüsusən onlar sənin kimi avam və bacarıqsız qızlara rast gəlirkən, bir əjdahaya dönər və onların üzərinə nəfəs salarlar. İlan ovsunçudan qorxan kimi, sənin kimilər də kişiləri görərkən bildiklərinizi yadınızdan çıxarırsınız. Kişilər sizin dalınızca düşməkdənsə, siz kişilərin dalınca düşürsünüz. Axmaq qızlar kişiləri ancaq aldandıqları zaman tanıyırlar. Lakin ağıllı olan qadınlar, kişilər onları məhv etməyə macal tapmadan əvvəl onlar kişiləri məhv edirlər. Sən elə bilirsən ki, kişilər yerə göydən nazil olan bir məlaikədir. Sən elə bilirsən ki, onlar səni gözəlliyin və özlərinin vicdanları səbəbinə sevirlər. Bu fikirlər tamamilə səhvdir. Kişini sizə yaxınlaşdıran şəhvətin onların önündə qoyduğu məcburi tələblərdir. Sən mənim bacımsan, mən öz başıma gələn fəlakətin sənin də başına gəlməsini istəmirəm. Ağlını başına yığ. Kişilər səni qızlıq şərəfin məhv olan dəqiqəyə qədər sevə bilərlər. Onun atası mənə evləndiyi zaman: “Mən dünyada ancaq sənin üçün yaşayacağam. Göydə Allahı, yerdə isə gözəl qadınımı tanıyacağam” – deyə minlərcə fəlsəfə oxuyurdu. Lakin mən qızlığımı ona təslim edəndən sonra, göydəki Allahı da, yerdəki qadınını da tanımaq istəmədi. O mənim qızlıq şərəfimi mənimsəyəndən sonra yerdə başqa bir qadın axtarmağa və qəlbini məndən alıb başqasına tapşırmağa qədər tənəzzül etdi. Mən bu gözəlliklə onun qarşısında diz çöküb aylar uzunu ağladım və onu xəyanət fikrindən daşındırmaq istədim. Bununla o mənim izzət-nəfsimi, qürurumu və mənliyimi də əlimdən aldı. Məni yalvarmağa, alçalmağa məcbur etdi. O məni almaq istədiyi zaman tacını və taxtını mənim qədəmlərimə atdı, sonra da məni taxtın qarşısında diz çökdürdü. Buna görə də mən sənə bir kitabça söz demişdim, kişinin sevgi adı verdiyi hiylələrinə aldanmamağı tapşırmışdım. Çünki onların sevgilərinin ömrü bir gecəlik, verdikləri vədələrin həyata keçmək müddəti isə min illikdir. Kişinin iftixar edə biləcəyi bir şey onun çox qadın aldatmasıdır. Bunlar nə qədər çox qadın aldadırsa, özünü o qədər də mahərətli və sənətkar bir kişi hesab edərlər. Onlar həris və yorulmaz kəpənəklərdir. Hər anda bir çiçəyin üstünə qonub ondan şirə almağı sevirlər. Onlar yırtıcı canavar kimi bir gündə yüz heyvanı boğub murdar etməyi sevirlər. Bunun atası məni gözəl həyatdan məhrum etdiyi kimi, mənim oğlumu da varislikdən və vəliəhdlikdən məhrum etdi. Çünki mənim başıma aldığı qadın məndən gənc idi, onun oğlunu da mənim oğlumdan artıq sevirdi. Qətibənin söhbətləri Təliədə kişilərə qarşı dərin bir nifrət oyandırdı. O öz-özünə: “Hər nə olursa olsun, bu gün bacımın əmrini yerinə yetirəcəyəm. Bacım məndən hər cəhətcə ağıllı və tədbirlidir. Onun kişiləri tanımaq işində də təcrübəsi artıqdır. O mənim sevgili bacımdır, anam yerindədir, heç bir zaman məni əyri yola dəvət etməz. O mənim səadətimi istəyir, vəliəhdin sevgisi məni bədbəxtliyə çağırır. Bacım səadətin harada olduğunu məndən daha yaxşı bilir” – dedi və vəzifəsini bitirməyə qəti söz verdi. Qətibə isə Təliəyə bir daha tapşırıq verib dedi: – Sabah hər nə olursa olsun, gərək Təbrizdə böyük bir hadisə yaradasan, sabah gərək, öz əlimizlə Atabəy sarayında təziyə büsatı düzəldək. Ancaq o təziyədən sonra bizim ailəmiz bayram edə biləcəkdir. Biz gərək tezlikdə Həmədana qayıdaq, çünki Toğrul başlı-başına buraxılası adam deyildir. Eşitdin ki? Təliə yerinin içində yarıyuxulu bir halda: – Bəli, eşitdim! – dedi. Səhər saat doqquzda yenə də vəliəhdin cariyəsi gəlib Təliəni vəliəhdin yanına çağırdı. Təliə onun sarayına getmək istərkən belə düşünürdü: “Mən onunla çox danışmayacağam. Çünki o danışdığı zaman mən hər şeyi unuduram, onun söhbətləri o qədər şirindir ki, məqsəd bir tərəfdə qalır. Lakin bilmirəm, o, bu gün məni nahar yeməyinə dəvət edəcəkdirmi. Madam ki, o məni sevir, nə üçün də dəvət etməsin?” Qətibə Təliəyə son dəfə tapşırdı: – İşində möhkəm olmalısan. Bizim səadətimiz sənin yanında olan xırdaca şüşənin içindəki damcılardan asılıdır. Sən bu gün o şüşənin ağzını cəsarətlə açmalısan, bildin ki? – Bəli, bildim. – Təliə bunu deyərək yola düşdü. Təliə vəliəhdin otağına girdiyi zaman Hüsniyə onları tək buraxıb dışarı çıxdı. Təliə nə edəcəyini şaşırmışdı, durduğu yerində buzlayıb qalmışdı. O, həyəcanlı bir vəziyyətdə qorxa-qorxa vəliəhdin üzünə baxırdı. Həyata keçirmək istədiyi cinayətin dəhşəti onun bütün varlığını əhatə etmişdi. Bu fikirlərin dəhşəti onun varlığında getdikcə genişlənir və onun qəlbini çeynəyirdi. O yenə də qəlbində: “Yox, mən bu cinayəti həyata keçirə bilməyəcəyəm. Çünki o günahsızdır. Heç olmazsa məni bir dəfə təhqir etməmişdir ki, ondan intiqam almağıma imkan versin. Tutaq ki, kişilər aldadıcıdır. Bu heç bir zaman məni aldatmamışdır. Kişilər bir kəpənəyin xasiyyətində olsa da, bu başqa bir kəpənəkdir. Məhəbbətlidir, məşğuledicidir, şirin söhbətlidir”. Təliə bu mövzu üzərində çox uzun düşündü və yenə də qəlbində danışdı: “Yox, deyəsən elə mən bunu sevməyə başlayıram. Bacımın tapşırıqları yadımdan çıxmağa başlayır. Bilmirəm, mən bunu sevərsəm, axırı necə olacaqdır? Bunun atası bacımı aldadan kimi, özü də məni aldadarsa, mənim gələcəyim nə olar? O zaman məni kimlər himayə edər? Bacım bir daha məni yanına buraxmaz, çünki mən ona xəyanət etmişəm, onun sözündən çıxmışam”. Vəliəhd Təliənin olduğu yerində donub qaldığı və qeyri-təbii bir halda düşündüyünü görüncə ona sual verdi: – Sənin nəyi sevdiyini və nəyi də sevmədiyini bilsəydim, səni bu düşüncələrin əlindən xilas edə bilərdim. Gəncliyin böyük bir düşməni varsa, o da xəyal və düşüncədir. Təliə başını qaldırıb bir ah çəkdi və: – Sən məni bu kədərlərin pəncəsindən xilas edə bilməzsən. Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. Mən o qədər bədbəxtəm ki, mənə dost olanlar, məni sevənlər də, gərək özlərini xoşbəxt hesab etməsinlər. Rica edirəm vəliəhd, sən məni bu kədərlərin əlindən almağa çalışma, məni sevməyə can atma, sənin sevginin mündəricəsi nə olursa olsun, mən ona layiq deyiləm. Mənçə, bütün qızların iqbalı mənim iqbalım kimidir. Zahiri gözəlliyi çox qiymətli olan qızların mündəricəsi çox ucuzdur. Vəliəhd, sən bilirsən ki, şəxsiyyəti qiymətləndirən mündəricədir. Vəliəhd Təliənin söhbətlərindəki yeni mövzu və yeni mündəricəni görüncə onunla bir daha maraqlandı və bu mövzunu davam etdirməklə qızın əsas fikrini qəlbindən çəkib almaq istədi. – Eladır, – dedi, – insanlara can və rəngi verən təbiətdir. Ona mündəricə verən şey isə onun mühitidir. Təbiidir ki, qadının gözəlliyi onun mündəricəsi deyil, o təbiətin sadə bir rəngidir. Mündəricəsiz şəxsiyyət ola bilməz, çünki insanlar mühitə bağlıdır. Bəzən mühit və tərbiyə insanın mündəricəsini dəyişir, hərgah mühit insanın istədiyi mündərəcəni ona verə bilməzsə, insan mühitini də dəyişə bilər. Vəliəhdin bu cümlələri Təliənin qəlbini qıdıqladı. O öz mühitindən mənfi mündərice və mənfi bir sima aldığını dərhal hiss etdi, mühitinin onu caniliyə, qatilliyə qədər çıxardığını hiss edərək, varlığı sarsıldı. Vəliəhd isə sözündə davam edib deyirdi: – Bəzən mühit ən gözəl, ən mərhəmətli və sevimli bir qızı dəyişdirib ən dəni, alçaq və cani bir şəkldə də sala bilər. Təliə bu son sözlərdən rahatsız oldu və qəlbində dedi: “Heç şübhə yoxdur, vəliəhd mənim də düşündüyümü və nə kimi bir cinayətə hazırlandığımı bilir. Kişilər qadınların qəlbini oxuya biləcək qədər sənətkardırlar. Heç bir şübhə yoxdur ki, vəliəhd bacımın düşündüklərini tamamilə bilir. İnsan nə qədər nifrət ediləcək bir şəxsiyyətdir! Mən bu həyatdan nə qədər səadət görəcəyəm ki, hazırda keçirdiyim ağır dəqiqələrin acılığını unuda biləm? O şair nə üçün məni götürüb saxladı? Nə üçün o məni boğub məhv etmədi? O mənim gələcəkdə bu qədər ağır və acı dəqiqələr keçirəcəyimi bilsəydi, məni ölümdən qurtarmazdı. Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı”. Təliə bu sözlərdən sonra özü də bilmədən: – Ah şairlər, deyəsən siz gələcəyi bilirmişsiniz, – dedi. Vəliəhd də cavabında: – Doğru deyirsən Təliə! – təsdiqedici bir vəziyyətlə dedi. – Bizim hiss edə bilmədiyimiz bir çox incəliklər vardır ki şairlər hiss edə bilərlər. Doğrudur, onlar peyğəmbər deyillər, lakin onların kitabları vardır. Mədəni yaşamağın yollarını, qadınlığın əzəmət və qiymətini ancaq böyük bir şairin əsərlərindən öyrənmək mümkündür. Sənin sevmədiyin Nizami hazırda bəşəriyyət üçün təzə bir həyat qanunu və tərbiyə, əxlaq layihələri düzəldir. Sən fəxr et, öz böyüklüyü ilə dünyanın qucağında sığışmayan bir şair, vaxtilə səni qucağına alıb götürmüşdür. Onun günəşdən işıqlı olan kölgəsi aylarca sənin üzərinə düşmüş. Əcəba, bununla belə sən özünə bədbəxt deməyə haqlısanmı? Hazırda özünü bir məmləkətin başında gördüyü zaman xoşbəxt hesab edənlər, o xoşbəxtliyi səninlə tamamlamaq arzusundadır. Dünyanın mühüm bir hissəsini qucaqlamış bir adam, sənin saçlarının kölgəsinə möhtacdır. Təliə bu sözlərə inanmayaraq vəliəhddən soruşdu: – Mənimmi? – Bəli, gözəl Təliə! Mən xoşbəxtliyimi səninlə tamamlamaq istəyirəm. Təliədən tərəddüdlü bir gülüş qopdu. O qəlbində: “Yazıq insanlar! Xoşbəxtliyini ölümdə axtaranlar da var imiş! Mən onu məhv etmək istərkən, o da xoşbəxtliyini mənim saçlarımın kölgəsində aramaqdadır. Təbiət, bax, nə qədər yazıq insanları küt və silahsız yaratmışdır. Çünki onlar bir-birini oxuya bilmirlər”. Vəliəhdin özü də Təliənin ağ mərmərdən düzəlmiş əndamına baxdığı zaman başqa cür düşünür və deyirdi: “Qız olduqca ağıllı və sağlam düşüncəli bir qızdır. Mənim ona təklif etdiyi məsələ, bir günün və bir ayın məsələsi deyil, o, iki gəncin ömürlük həyat məsələsidir. Buna görə də qızın özünə etdiyim təklif üzərində çox dərindən düşünməsi lazımdır. Ərə getmək və evlənmək vəzifəsi olduqca məsuliyyətli və ağır bir vəzifədir. İnsan əvvəlcə öz vicdan tərəzisində bu vəzifəni ölçməlidir. Çünki bu ağırlığı hər kəs çəkə bilməz”. Vəliəhd bu fikirlərin təsiri altında Təliəyə müraciət etdi: – Düşün, mənim gözəl dostum, düşün! Sən iki gəncin həyat məsələləri üzərində düşünürsən. Səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur, buna görə də sən həyata keçirmək istədiyin məsələ üzərində bir daha dərindən fikirləşməlisən. Vəliəhdin son sözlərindən Təliə təkan yedi. Qorxuya düşdü. Nazik dodaqları dəhşətdən titrəməyə başladı və öz-özünə: “Madam ki, vəliəhd mənim bir cinayətə hazırlandığımı anlamışdır, bir halda ki, onun özü “səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur” – deyə məni xəbərdar edir, o zaman mənim bu məsələ üzərində düşünməyim lazım deyilmi? Onun özü də deyir: “Sən iki gəncin həyat məsələləri üzərində düşünürsən”. Əcəba bu bir həqiqət deyilmi? Mən onu zəhərləyib məhv edəcək, bacım da günahsız Hüsniyəni edam etdirəcəkdir. Lakin mən də cəzasız buraxılmayacağam, diri qalsam da, xalqın lənət və nifrəti altında yaşayacağam. Bax, vəliəhd nə qədər sadə və mərhəmətli bir insandır ki, mənim böyük bir xəyanətə hazırlandığımı bildiyi zaman, yenə də məni doğru yola qaytarmaq istəyir; halbuki, o istədiyi zaman məni məhv etməyi bacarardı. Əcəba, bir məmləkətin vəliəhdi öz xoşbəxtliyini yoxsul və adi bir qızın saçları kölgəsində aradığı zaman, yoxsul qızın bu alicənablığa qarşı vəzifəsi nədir? Onu zəhərləmək və gənc həyatını əlindən almaqmı? Yox, yox, mən bunu bacara bilməyəcəyəm. Mən onun bu mərhəmətini öz səmimi sevgimlə mükafatlandıracağam. Gələcək səadətin xatirəsinə onu öz gözümün bəbəyi kimi qoruyacağam. İki qəlbi bir yerə aşılamaq üçün hər nə lazımsa mən onu həyata keçirəcəyəm. Bacımın mənə vədə verdiyi xoşbəxtlik isə mənim üçün yox, onun öz oğlu üçündür”. Təliə bunları düşündüyü zaman özünü vəliəhdin yanında gördü. Doğrudan da bir məmləkəti qucaqlamış qollar Təliənin boynuna sarılmışdı, xoşbəxtliyin zəminini qoymaq üçün iki göz bir-birinə baxırdı, ürəklərin döyüntü səsləri bir-birinə qarışdığı zaman qəlbin qapıları da açılmışdı. Təliə dodaqlarını vəliəhdin dodaqlarından çəkdiyi zaman vəliəhd bu sözləri eşitdi: – Vəliəhdin dedikləri tamamilə bir həqiqətdir. Mən həyatda səhv etməyəcəyəm. Mən iki gəncin həyat məsələsində yanlış yol intixab etməyəcəyəm. Vəliəhd, sənə and içirəm! Nahar yeməyi bitdi, süfrədən qalxdılar, Qətibənin gözlədiyi hadisə baş vermədi. * * * Təliə vəliəhd sarayından çıxıb evə gəldiyi zaman Qətibə onu küçə qapısında qarşıladı və tələsik soruşdu: – De görüm, onu məhv etdinmi? Zəhər dərhal təsir etdimi? – Xeyr, mümkün olmadı, o məsələni tamamilə anlamışdır. – Anlamışdır? – Onun danışıqları və söhbətlərində verdiyi işarələr də bunu anladır. – Hansı işarələr? Sən haradan bildin? Ağlın qaçıbdırmı? O bu sirri haradan öyrənə bilər? Onu bir sən, bir də mən bilirəm. Sən bu məsələni ona demədiyin zaman, o bu sirrlərə nə cür yol tapa bilər? Danış görüm ondan nə eşitdin? – Mən onu zəhərləmək üzərində düşünürdüm. O da mənim üzümə baxıb xəfifcə gülərək dedi: “Düşün, düşün, mənim gözəl dostum, düşün! Səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur. Buna görə də sən həyata keçirmək istədiyin məsələ üzərində bir daha dərindən fikirləşməlisən. Çünki sən iki gəncin həyat məsələləri üzərində düşünürsən.”. Qətibə acıqlandı və: – Qorxaq, aciz qız, – deyərək nəsihət verməyə başladı. – Sən kişilərə nə cür yanaşmaq barəsində olduqca savadsızsan. Səndə təqsir yoxdur, kişiləri öyrənmək və onların nəbz vurğularını təyin etmək üçün bacarıqlı bir təbib olmaq lazım gəlir. Səni bundan artıq təqsirləndirmək olmaz, kişilərin ruhunu ruhiyyat alimləri belə layiqincə öyrənə bilməmişdir. Hərgah sən dilin və hərəkətinlə ona bir şey sezdirmədinsə, o sənin qəlbinə yol tapa bilməzdi. Onlar qəlbi gözdən və hərəkətdən öyrənirlər. Sən ehtiyatlı olmalısan, gözlərinin hərəkətinə, vəziyyət və çöhrənin dəyişməməsinə diqqət verməlisən. Hərgah sən özünü diqqətli və ehtiyatlı aparmışsansa, hər şeydən əmin ola bilərsən. Sən heç də qorxma. Onlar qadını öyrənməyə çalışdıqca yenə də savadsızlıqları artmış olacaqdır. Sən heç də qorxma, vəzifəni yerinə yetirmək işində tərəddüd göstərmə, bizim burada uzun müddət qalxmağa vaxtımız yoxdur. Təbrizə bunun üçün də gəldik. Təliə ağladı və and içdi: – Sənin canına and içirəm. Mən ona nə dilim, nə də hərəkətim vasitəsilə heç bir söz danışmamışam. Lakin məqsədimi həyata keçirmək üçün tərəddüd və düşüncələrdən ayrıla bilmirdim. Qətibə bir daha acıqlandı: – Madam ki, bu vəzifəni sənə anan yerində olan bacın tapşırmışdır, o zaman sənin tərəddüd göstərməyə haqqın yox idi. Sənə tapşırılan bu sirrin həyata keçirilməsi və gizlində qalması üçün öz həyatınla məsulsan. Bu məqsədi həyata keçirməsən, səni dünyanın ən alçaq bir adamına ərə verəcəyəm. Hərgah sən bir hökmdarın mələkəsi olmaq arzusu ilə onu öldürmək istəmirsənsə, yanılırsan, çünki onu sən öldürməsən də, mən başqasının vasitəsilə onu məhv edəcəyəm. O zaman sən də öz diriliyinə ümid bəsləmə! Mən bilsəm ki, sənin dodaqların onun dodaqlarına dəymişdir, səni bu günün özündə qullarımın ən çirkini olan Bahzada ərə verəcəyəm. Sənə yüz dəfə demişəm, yenə də təkrar edirəm, dodaqlarını onun dodaqlarından qorumalısan, çünki əfsunçuların sadə bir nəzəri ilan üzərində nə təsir bağışlayırsa, kişilərin də dodaqları qızlara eyni təsiri verə bilər. Şəraba öyrənən kişilərlə, kişilərin dodaqlarına öyrənən qızların heç də fərqi yoxdur, onlar heç bir zaman nə şərabdan yaxa qurtara bilər, nə də kişilərin dodaqlarından əl çəkə bilərlər. Çünki bu da bir cürə tiryəkdir. Kişilərin dodaqları qızların qəlbini damğalamış olur. Əsil gözəl ona deyirəm ki, o öz gözəlliyinə qiymət verə bilsin və ondan istifadə etməyi bacarsın. Sən bir vəzifəni bitirə bilmədiyin, öz dəyərini anlamadığın və fəaliyyət sahibi olmadığın zaman, diri və canlı insan deyilsən. Rəssamlar səndən daha gözəl şəkillər çəkə bilərlər. Hazırda sənin gözəlliyin rəssamın çəkdiyi gözəllikdir. Sən diri olsaydın, özünə tapşırılan vəzifəni çoxdan bəri yerinə yetirə bilmişdin. Lakin sən mənə xəyanət etdin, onu sevdiyin üçün vəzifəni yerinə yetirə bilmədin. Bunun üçün də mən səni cəzalandıracağam. Təliə hönkür-hönkür ağlayırdı. Lakin onun tökdüyü göz yaşları Qətibənin acığının odlarını söndürə bilmirdi. Biləks, Təliənin ağlaması Qətibənin qəzəb və qəhrini bir daha artırırdı, o qəlbində: “Nacins qız öz sevgilisini öldürmək istəmədiyi üçün oğlu ölmüş ana kimi hönkürtmə vurub ağlamaqdadır. Qız uşağını özbaşına buraxsan kəndirbaza ərə getmək istər. Mənim sevgimə azadlıq vermədilər. Mən də and içmişəm, dünyada əlimdən gəldiyi qədər heç bir kəsin sevgisinə azadlıq verməyəcəyəm. Bacım da olsa, mənim bədbəxtliyimə qarşı xoşbəxt olmasına razı olmayacağam”, – deyirdi. Qətibənin qara gözlərinin bəbəklərindən ildırım şığıyırdı. Acığından hər iki yanağı köz kimi qızarmışdı. O, evi tez-tez dolaşıb danışırdı: – Mənim bacım, Əmir İnancın qızı, atadan-anadan bir doğma bacım, mənim günümün oğlunu, mənim düşmənimi, mənim oğlumun rəqibini sevəcəkmiş. Taxt-tacın, bir kəndli qızından doğulan nanəcibin əlində qalmasına çalışacaqmış. Qətibə bunları deyəndən sonra gəlib Təliənin başı üzərində durdu və acıqla sual verdi: – Səndən soruşuram, sən haman vəzifəni ifa edəcəksənmi? Təliə gözlərini qorxa-qorxa Qətibənin üzünə açaraq: – Bəli, ifa edəcəyəm. Zəhər hadisəsi sabah baş verəcəkdir, – dedi. * * * Təliə qapını açıb vəliəhdin otağına girdiyi zaman vəliəhd pəncərənin qarşısında oturub Nizaminin “İskəndərnamə” əsərindən göndərdiyi parçaları oxuyurdu. Vəliəhd Təliənin gəldiyini gördüyü zaman sevinərək dedi: – Gəl, gəl, mənim dostum, gəl sənin üçün bir neçə şeir oxuyacağam, böyük şair mənim adıma yazdığı “Şərəfnamə” əsərindən bir neçə parça göndərmişdir. Sən bu parçaları eşidəndən sonra vətənimizdə nə qədər qəhrəman qadınlar yetişdirdiyini görəcəksən. Təəssüf olsun ki, sonralar Nüşabə kimi bir qız yetişməmişdir. Mən arzu edərdim ki, o kimi qəhrəman bir qadını kitab vərəqləyəndə deyil, həyatda görə biləydim. – Nüşabə kimdir? – Nüşabə vaxtilə Bərdə şəhərində padşahlıq edən bir qız idi. – Hansı Bərdə?.. Haman o xərabə Bərdəmi? – Haman Bərdə. Makedoniyalı İskəndərlə görüşən o qəhrəman qızın barəsində böyük şair qiymətli bir dastan yazmışdır. Hazırda onu oxuyuram. Gözəl Təliə, kişilər İskəndər olmağı bacarmırsa da, qızlar Nüşabə olmağa çalışmalıdır. Vəliəhd bu sözlərdən sonra “Şərəfnamə”dən bir neçə dastan oxudu. Söhbət nahar vaxtına qədər uzandı, yenə Təliə adəti üzrə durub getməyə hazırlanarkən, vəliəhd: – Burada nahar etməlisən, – deyərək, Taliənin getməsinə mane oldu. Nahar yedikləri zaman şərbət gətirdilər. Piyalələr hələ içilməmişdi. Təliə yenə də tərəddüd göstərir və titrəyirdi, yenə də qəlbində: “Öldürümmü? Öldürməyəmmi?” – deyərək fikirləşirdi. Nəhayət, qoynundakı şüşəni çıxartdı, onun içindəki zəhərdən bir neçə damcı şərbətin içinə töküb vəliəhdin yanına qoydu. Lakin bu işi olduqca ehtiyatsız həyata keçirdi, əlləri titrədi, özünü şaşırdı, bacarmadı, buna görə də vəliəhd şərbətin içinə nə isə töküldüyünü hiss edərək özünü aldırmadı. Şərbət piyalələri yerdə dururdu, Təliə isə gözünü vəliəhdin qarşısında duran piyaləyə tikərək qorxur, titrəyirdi. Onu vicdanı rahatsız edirdi. O bu işdən yenə də peşman olmuşdu. O öz sevdiyi bir zatın bir neçə dəqiqədən sonra məhv ediləcəyini düşünür və çıldırmaq dərəcəsinə gəlirdi. Təliə öz-özünə söyür və deyirdi: “Mən nə qədər alçaq və cani bir qız oldum. Mən bu günahsızı nə üçün məhv edirəm? Mən nə üçün özümü sevən bir gənci həyatdan ayırım?” Vəliəhd həm qıza, həm də yerdəki piyaləyə baxırdı. O artıq şübhələnirdi. Sirrin üzərindən pərdəni götürmək üçün Təliəyə müraciət etdi: – Gözəl mələyim, mən bu piyalə şərbəti sənin sağlığına içməliyəm, – deyərək, piyaləni qaldırarkən Təliə piyaləni onun qarşısından qaparaq: – Yox, yox!.. O piyaləni mən özüm içməliyəm. O piyalə ancaq mənim üçündür, – dedi və piyaləni dodaqlarına uzadıb içərkən vəliəhd onun əlindən tutub: – Dayan, məsum qız, dayan! – dedi və piyaləni ondan aldı. Lakin, zəhər Təliənin nazik dodaqlarını yandırmışdı. Bir anda vəliəhd sarayında bir qiyamət bərpa oldu. Saray xalqı bir-birinə dəydi. Həkim hazır idi, Qətibə vəliəhdin zəhərləndiyini təsdiq etdirmək və cariyə Hüsniyənin ona zəhər verdiyini isbat edib edamına əmr vermək üçün çoxdan bəri həkimi hazır etdirmişdi. Qətibə vəliəhd sarayında hadisə baş verdiyini eşidərkən sevindi, Təliənin tapşırığı həyata keçirməsini zənn etdi. Həkim Təliəyə yardım verdi. Təliə özünə gəldi və vəliəhdi öz başı üstündə görüb şikayətedici bir vəziyyətlə dedi: – Nə üçün mənə rəhm etmədin? Nə üçün mənim əbədi rahatlığıma mane oldun? Nə üçün mənim azadlığımı aldın? – deyərək ağlarkən vəliəhd də onun saçlarını sığallayaraq yavaşdan dedi: – Ağlama, məsələ mənim üçün aydındır. Mən sənə bir neçə dəfə demişdim ki, insanlara mündərəcəni verən mühitdir. İnsan onu cinayət və xəyanətlərə məcbur edən mühitdən ayrılmalıdır. Təliə ağlayaraq: – Mən ayrılmaq istəyirdim, mən o mühiti birdəfəlik atırdım, lakin sən mane oldun. Mən özümü təhqirlərdən və təhqiredici mühitdən ayırmaq üçün ölümü intixab etmişdim. Çünki mənim başqa bir mühitdə yerim yoxdur? Doğma bacım məni bu cinayətə məcbur edərkən başqalarından nə gözləyə bilərəm? Mən bir cani və xain olmaq istəmədim. Lakin bunsuz da o mənə həyat və yaşayış verməyəcəkdir. O məni həyatın ən dəhşətli və qorxulu şeyləri ilə qorxudur. Onu görmək və onun sözlərini eşitməmək üçün ölümün qucağına gülə-gülə gedirdim. Vəliəhd onun saçlarını oxşayaraq: – Mühiti ölümlə dəyişmək acizlikdir, – dedi. – Sənin rahatlığını təmin etməyə and içirəm. Mən sənin iradən xaricində heç bir iş görməyəcəyəm. Sən bu mühitə inana bilərsən. Mən bütün varlığımı sənin gənc və təmiz vicdanına qurban versəm yenə də azdır. Qətibə vəliəhd sarayının qapısına yanaşırkən, həkim də işini qurtarıb saraydan çıxırdı, o, həkimi görürkən böyük həyacanla soruşdu: – Söylə həkim, söylə! Söylə görüm oğluma nə fəlakət üz vermişdir? Qətibənin bu sualından həkim onun üzünə diqqətlə baxdı və gülümsəyərək: – Oğlunuza heç bir fəlakət üz verməmişdir, – dedi, – hər nə fəlakət üz vermişsə, yazıq bacınıza üz vermişdir. Həkim keçib getdi, Qətibənin sanki ürəyi düşdü, olduğu yerində quruyub qaldı. Qayıdıb getsinmi? Saraya daxil olsunmu? – düşünərək dayandı, nəhayət, içəri girməyi qərara aldı. Qətibə böyük həyacanla otağa daxil oldu və ağlayaraq soruşdu: – Oğlum, sənə nə fəlakət üz verdi? Yazıq Təliəyə nə gəldi? Qətibə bunları deyərək, Təliənin yatağına yaxınlaşmaq istərkən Təliə onu əlləri ilə rədd edərək: – Məndən uzaqlaş! – dedi. – Mən səni görməmək üçün ölümü intixab edirdim. Lakin sənin üzünü bir daha gördüm. Bu da mənim üçün bir əzabdır. Get, bir də üzünü göstərməklə məni cəzalandırma! Qətibən ona tərəf acıqla baxıb qışqırdı: – Kəs səsini xain, cinayətə yol verdiyin bəs olmadımı? Öz bacınımı ləkələndirmək istəyirsən? Təliə yenə də ağlayırdı, vəliəhd ona təsəlli verməklə Qətibəyə tərəf dönüb: – Mələkə, rica edirəm, məni və xəstəni rahat burax! – dedi. Qətibə başını aşağı salıb otaqdan çıxdı. * * * Son müharibə Qətibə Təbrizdə müvəffəqiyyət qazana bilmədi, zəhər hadisəsində öz-özünü tamamilə ifşa etdi. Eyni zamanda o, Təbrizdən Həmədana qayıda da bilmədi. Çünki, Qızıl Arslanın qətl edildiyi xəbəri qonşu məmləkətlərə yayıldıqdan sonra, Bağdad və İraq ordusu iranlılarla birləşərək Azərbaycana hücum etməyə başlamışdı. Buna görə də Qətibə Təbrizdən heç bir kəsə xəbər vermədən Rey tərəflərinə qaçdı. Azərbaycanın vəziyyəti qorxulu idi. Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlilər, iraq və iranlıların işğalı altında idi. Bağdad xəlifəsi bu hökuməti tamamilə Şərqin xəritəsindən silmək istəyirdi. Atabəy məmləkətlərini paylaşdırmaq işində Qətibənin oğlu Qütlüğ İnanc da ciddi iştirak edirdi. Toğrul paytaxtı buraxıb qaçmışdı. İraq və Bağdad qoşunu Bağdadı işğal etdikdən sonra Azərbaycan sərhədlərini keçmişdi. Qütlüğ İnancın Reydən gətirdiyi ordu Qəzvində müttəfiqlərin qoşunları ilə birləşəcək və Azərbaycan məsələsini həll edəcəkdi. Buna görə də Qətibə artıq hiylə və macəra yolu ilə deyil, azərbaycanlılarla ordu və silah gücü ilə danışmağa qərar vermişdi. O, Təbrizə qələbə ilə girəcək, vəliəhdi asdırmaqla öz oğlunu Azərbaycan taxtına əyləşdirəcək idi. Azərbaycan məmləkətinin təhlükə altında olduğu xəbərini Təbrizdən Gəncəyə gələnlər xalq arasına yaymağa başlamışdı. Lakin bu dəfə Atabəy hökumətini silahla müdafiə etmək məsələsi Gəncə ziyalılarının fikrinə belə gəlmirdi. Bu xəbərlər şayiə olur-olmaz, Azərbaycanda təzə bir fikir oyanmışdı. O fikir Şirvanla əlaqəyə girmək və Şimali Azərbaycanı cənubdan gələn təhlükəyə qarşı müdafiə etməkdən ibarət idi. Bu fikrin əleyhinə olan çox az idi. Lakin bu ittifaq Azərbaycan məmləkətinin təmamiyyətini təmin etmədiyi üçün cənuba kömək vermək fikrinin tərəfdarları artdırdı. Həmin bu günlərdə Gəncə hakiminin carçıları bazarda və küçələrdə dolaşıb aşağıdakı sözləri deyirdilər: “Gəncə camaatı! Bilin və agah olun! Valahəzrət vəliəhddən fərman gəlibdir. Fərman bu gün günorta namazından sonra Səlcuq camesində oxunacaqdır. İyirmi yaşından qırx beş yaşına qədər olanlar Səlcuq camesinə gəlməlidir, hey!” Gəncə hakimi carçılarla kifayətlənməyərək, şəhərin ziyalılarına, əyan və nüfuzlu adamlarına xüsusi məktublar göndərib Səlcuq camesinə dəvət eləmişdi. Günorta yeməyində Əlaəddin və Fəxrəddin öz qadınları ilə bərabər Nizaminin bağçasında təşkil olunmuş qonaqlığa gəlmişdilər. Nizaminin bu qonaqlığı nə üçün təşkil etdiyindən qonaqların heç birisi xəbərdar deyildi. Qonaqlıqda iştirak edən çox az idi, lakin ziyafət olduqca təntənəli idi. Burada vaxtilə Bağdad saraylarına göndərilmiş və hazırda Əlaəddinin qadını olan Süsən, Fəxrəddinin qadını Dilşad və sairləri iştirak edirdilər. Dilşad Fəxrəddinin qulağına pıçıldayıb: – Qonaqlığın mündericəsi məlum deyildir. Lakin olduqca təntənəlidir, – dedi. Rəna xanımın hazır etdiyi yeməkləri, ətirli şərbətləri və cürbəcür meyvələri qonaqların yanına düzdülər. Qonaqlar süfrənin ətrafına yığıldığı zaman Nizami üzünü Fəxrəddinə tutub dedi: – İnsanlarda təbii bir xasiyyət vardır. Onlar gələcəyi çox az düşünürlər. İnsanın əsas xüsusiyyəti keçmişi xatırlamaqdan ibarətdir. Ziyafətdə iştirak edənlərin hamısı böyük şairin ağzına baxırdı, onun bununla nə demək istədiyi ilə maraqlanırdı. Xüsusən Fəxrəddin qapıdan içəri girdiyi dəqiqədən bəri bu ziyafətin kölgəsində mühüm bir məsələ durduğu hiss edilirdi. Lakin şairin məsələni təbiət qanunlarından başlaması Fəxrəddin üçün başqa bir düşüncə və başqa zehniyyət verirdi. Nizami sözünü əvvəlcə başladığı mövzuda davam etdirirdi. Onun adəti belə idi, o, mühüm bir məsələni müzakirəyə qoymaq istədiyi zaman əvvəlcə məclisdə olan xalqın fikrini haman məsələ ətrafında hazırlar, sonra əsas məsələnin üzərinə keçərdi. Bu gün Nizami haman fikirlə sözünü davam etdirib dedi: – İnsanın gələcəyə deyil, keçmişə bu qədər əhəmiyyət verməsində o qədərdə insanı düşündürəcək bir müəmma yoxdur. İnsanın çocuqluğu və gənçliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. Keçmiş nə qədər fəna, nə qədər əziyyətli olursa olsun, yenə də insan qəlbini unuda biləcəyi bir şey deyildir. Mən gənçliyimi xatırlarkən, onunla bir daha qovuşub öpüşmək istərkən, ancaq üç şeydən təsəlli tapa bilirəm. Sanki mən onların vasitəsi ilə uzaq yolları bir anda seyr edir və gəncliyimi ziyarət edirəm. Onlardan birisi gözəl şeirdir. Mən daima qanıma girə biləcək bir şeri eşitdiyim zaman özümü gənclikdə görür və ruhən yüksəlir və məndən uzaqlaşaraq buludların arxasına çəkilən gəncdiyimin yanına qalxıram. Məni gənclıyə qaytaran ikinci vasitə musiqidir. Musiqini ən qoca bir sənətkar bəstələmiş olsa, onu bir ixtiyar xanəndə oxusa belə, yenə də, onda bir gənclik mövcuddur. Çünki qocalıq və ixtiyarlıq musiqi və nəğmə ətrafına dolaşa bilməz, o gözəl sənət daima gəncdir. Onu qoca bir sənətkar yaratsa belə, yenə də gənclik hissləri ilə yarada bilmişdir. Məni gəncliyimə qaytaran üçüncü vasitə, nazlı səhərin qoynundan qırmızı və şad bir çöhrə ilə çıxan qərənfil gülüdür. Hazırdakı ziyafət, bu bağçada verilən ikinci ziyafətdir. Birinci ziyafət ölməz və unudulmaz şairimiz Məhsətinin sürgündən qayıtdığı zaman verilmişdi. O zaman mənim özüm də, burada oturanların bir çoxu da gənc idi. Yaxşı yadımdadır, Məhsəti xanım hazırda Dilşad xanım oturan yerdə oturmuşdu, xalça da haman xalça, döşək də haman döşəkdir. Buna görə də Məhsəti xanımı xatırlamaq və bizi bir an da olsa gəncliyin ziyarətinə aparmaq üçün vəzifə Dilşad xanıma tapşırılır. Fəxrəddin Əlaəddinin qulağına pıçıldayıb: – Əsas məsələ bu deyil, şair hazırlıq aparır, – deyə Dilşada tərəf dönüb onun bu təklifə razı olub-olmamasını yoxladı və onun çöhrəsində narazılıq hiss etmədi. Süfrədə oturanlar da “rica edirik, rica edirik!” – deyə Dilşad xanıma yalvarırdı. Rica edirik sözü Dilşadın sevimli əri Fəxrəddinin ağzından da eşidilirdi. Buna görə də Dilşad udu gətirmək üçün xidmətçini evə göndərdi. Ziyafətdə olanlar yenə də bir-birlərilə danışaraq deyirlər. “Bu ziyafət yemək-içmək, çalıb-oxumaq üçün təşkil edilməmişdir. Burada başqa məsələ vardır. Bu təkliflər isə onun zəmianəsidir”. Udu gətirdilər. Dilşad xanım udun pərdələrini düzəltdiyi zaman Nizami yenə də danışıb dedi: – Ancaq Məhsəti xanımın rübailərindən oxuyun, çünki rübai yazmaq işi Məhsəti xanımla qurtardı. Dilşad Məhsəti xanımdan aşağıdakı rübailəri oxudu: Hər ab ki, əz dideyi-qəmnam çəkəd Xunist ki əz xəncərü-qəssab çəkəd. Xun mirəvəd əz dilü kəbabəm şəbü ruz, Şək nist ki əz kəbab xunab çəkəd. Bər səng zədəm duş səbuyi-kaşi Sərxoş büdəmü ki kərdəm in ovbaşi. Bər mən bə zəbani-hal qöft səbu, Mən çün to budəm, to niz həm mən başi. Gül bərsəri səbzə mikünəd rənayi, Bülbül zi bərayi gül şüdə şeydayi, İn həm əcəbəst ki hər do heyran şüdənd, Gül əz peyi-ömr, bülbül əz tənhayi. Dilşad elə bir zövq və maraqla oxudu ki, ziyafətdə olanlar Məhsəti xanımın bir daha həyat səhnəsinə qayıtdığını zənn etdi. Ziyafətdə böyük bir ruh yüksəkliyi var idi. Nizami bunu hiss edərək əsas məsələyə yanaşmağa başladı: – Sizi bu ziyafətə dəvət etməkdən məqsədim yedirib-içirtmək deyil. Bu cür süfrələr hamının evində mümkündür. Lakin şeir, musiqi və nəğmə hamı üçün mümkün deyil. Dilşadın və Süsənin səsini eşitmək bizi yenə də keçmişlərə qaytardı. Xüsusən biz burada oturan xanımların həyat tarixini də xatırladıq, bu tarixin qılınclar və qəhrəmanlıqlar sayəsində qurulduğunu Dilşadın və Süsənin simasında bir daha oxuya bildik. Mən sizi bu ziyafətə haman qəhrəmanlıq tarixini xatırlatmaq üçün çağırmışam. Hazırkı vəziyyət yenə də bizdən silaha sarılmağı tələb edir, çünki düşmən Azərbaycan xalqını əsirlik dövrünə qaytarmağa hazırlanır. Əbubəkr ibn Məhəmmədin göndərdiyi məktubu sizə oxumaq istəyirəm. Hamı bir ağızdan: – Rica edirik, rica edirik! – dedikdə Nizami əlini atıb cibindən bir məktub çıxarıb oxumağa başladı: “Bu məktub Əbubəkr ibn Məhəmməd Eldəniz tərəfindən böyük və möhtərəm şair Nizamiyə yazılır. Möhtərəm şair! Atam Atabəy Məhəmmədin bir səhvi nəticəsində düşdüyümüz bədbəxtlik böyük bir fəlakətlə nəticələnməyə başladı. İnanc tayfasına yaxınlaşmaq bizi öz mehriban təbəələrimizdən ayırdı, biz xalqın məhəbbətini itirdik. Xalqın məhəbbətindən məhrum olmaq rəhmətlik əmim Qızıl Arslanın da ölümünə səbəb oldu. Atam da, əmim də hökumətlərini Azərbaycan xalqının qılıncları kölgəsində qurduqlarına baxmayaraq, bu xalqa xor baxdıqları üçün məhv oldular. Toğrulun yanlış siyasətləri və onun əcnəbi himayəsinə girmək istəməsi, Azərbaycan atabəyliyinin süqutunu yaxınlaşdırdı. Qardaşım Qütlüğ İnanc da öz anasının rəyasət və üstünlük xəyalları nəticəsində əcnəbilərə satılmışdır. Qardaşımın xəyanətləri də xanədanımızın süqutunu tələsdirir. Hazırda Bağdad qoşunu, iraqlılar və iranlılarla birləşib paytaxtı işğal etmişdir. Toğrul Həmədanı buraxıb qaçmışdır. Qütlüğ İnancın Reydən hücum edən ordusu Qəzvin şəhərinə yaxınlaşmaqdadır. Onların məqsədi Həmədandan şimala tərəf gələn müttəfiq ordularla birləşib Təbriz şəhərini işğal etməkdir. Böyük şairin özünə məlumdur ki, Azərbaycan xalqının ciddi köməyi olmasa, biz bu çətinliyin öhdəsindən gələ bilməyəcəyik. Bu günlər Qətibə xatunun mənə zəhər vermək istəməsi də düşmənin xanədanımızı tamamilə məhv etmək qərarına gəldiyini göstərir. Hazırda əlimizdə olan az bir miqdar qoşunla düşmən ordularının qarşısını ala bilməyəcəyimiz aşkardır. Sizin köməyiniz olmasa, onlar Təbrizə girəcəkdir. Hər halda böyük şair göndərdiyi cavabla mənim təklifimi müəyyən etməlidir”. Əbubəkrin bu məzmunda yazdığı məktub çox uzun idi. Nizami ancaq onun müəyyən hissələrini oxudu. Ziyafətdə dərin bir sükut hökm sürürdü. Heç kəs danışmırdı. Məktub barəsində nə mənfi, nə də müsbət bir fikir söyləyən yox idi. Nizaminin fikrini bilmək üçün birinci olaraq Əlaəddin danışıb dedi: – Şübhəsiz ki, Eldəniz xanədanını yaxalamış fəlakət olduqca böyükdür. Onlar hazırkı vəziyyətləri ilə bu çətinliyin altından çıxa bilməyəcəklər. Biz nə edək? Bu fəlakəti onların özləri qazanmışdır. Biz onları bir neçə kərə ağır fəlakətdən qurtardıq. Azərbaycanlılar onların hökumətini müdafiə etmək üçün Xarəzm, Rey, İraq və Dəclə sahillərində minlərcə oğlunu qurban vermişdir. Biz dünyanın baş əydiyi xəlifələri onların qarşısında diz çökdürdük. Bu xidmətlərin müqabilində nə kimi bir mükafat aldıq? Nəticədə onlar bizi bir ərəb qızının arzusuna qurban verdilər, bizim paytaxtdan uzaqlaşmağımıza səbəb oldular. Bugünkü fəlakət, haman səhvlərin islah edilə bilməyəcək nəticələridir. Bilmirəm, onların bu qədər etinasızlığına qarşı biz Əbubəkrin məktubuna nə cavab verməliyik? Hamı ilə bərabər Nizaminin özü də Əlaəddinin dediklərini diqqətlə dinləyirdi. Nizami yalnız Fəxrəddinin danışmasını gözləyirdi. Çünki ziyafətdə olanların arasında Eldəniz ailəsinin ən inadlı düşməni Fəxrəddin idi. Xüsusən son zamanlar, Qətibənin ona qarşı olmazın macəralar, fitnələr, hətta sui-qəsdlər hazırlaması və Qızıl Arslanın buna soyuqqanlılıqla baxması Fəxrəddinin Eldəniz ailəsinə olan düşmənliyini bir daha dərinləşdirmişdi. Buna görə də Nizami əvvəlcə Fəxrəddinin fikrini bilmək istəyirdi. Fəxrəddin fikirli başını qaldırıb Nizaminin üzünə baxaraq gülümsədi. Nizami dərhal bu təbəssümün mənasını anlayaraq onu xəfif bir təbəssümlə qarşıladı. Bununla da gənclik yoldaşları bir-birini anladı və Fəxrəddin danışaraq dedi: – Mən bu ziyafətə dəvət olunduğum zaman burada mühüm bir məsələnin həll olunacağını düşünürdüm və özüm-özümə deyirdim: əcəba, mənim gənclik yoldaşım qadınlarla kişilərin ziyafətini bir yerdə çağırmaqdan nə məqsəd daşıyır? Mən ancaq Əbubəkr ibn Məhəmməd Eldənizin məktubu oxunduqdan sonra şairin məqsədini anladım. Bu ziyafətdə iştirak edən qadınların əksəriyyəti Azərbaycan silahının qalibiyyəti nəticəsində Bağdad saraylarının əsirliyindən qurtarmışdır. Hazırda şüursuz hökmdarların səhvləri nəticəsində Bağdad xəlifələri yenə də Azərbaycan qızları ilə əylənməyi düşünürlər. Burada oturanlar mənim fikrimi başqa cür məna etməsinlər. Hərgah iraqlılar, xarəzmlilər, iranlılar şəxsən atabəyləri məhv etmək arzusunda olsaydılar, mən Fəxrəddin, yüz nəfər atlı ilə bütün Eldəniz ailəsini tutub onlara verərdim, o zaman nə qan tökülər, nə də ölkələr at ayağının altında tapdalanardı. Lakin onlar Azərbaycana beş nəfər çürük başlı və dəyərsiz adamları əldə etmək üçün gəlmirlər. Onlar zəngin bir məmləkəti almaq və qəhrəman bir xalqı əsir götürmək üçün gəlirlər. Xüsusən Qütlüğ İnancın bu macəradə yaxından iştirak etməsi, ixtilafın mənasını bizə lazımınca anladır. Bu məsələ bizim öhdəmizə məsul bir vəzifə qoyur. Qütlüğ İnanc hökmdarlığı əldə etmək istəməklə bərabər, bizdən Əmir İnancın qanını də tələb etməyə gəlir, onlar bizi hədəf tutaraq Azərbaycana gəlirlər. Bizi qadınlarımızla birlikdə ziyafətə çağıran möhtərəm şair, mühüm bir məsələni nəzərdə tutmuşdur. O bilir ki, igid və namuslu kişilər öz qadınları iştirak etdiyi məclisdə heç bir zaman müharibə təklifindən boyun qaçırmazlar. Çünki ağıllı qadınlar heç bir zaman qorxaq kişiləri sevə bilməzlər. Fəxrəddin bu sözləri deyəndən sonra üzünü Dilşada çevirib dedi: – Dilşad, sənə və sənin oğlun Sədrəddinə and içirəm! O uşaq mənim bədbəxt qardaşımın adını daşıyır, mənim ondan da artıq sevdiyim adam yoxdur. Onun canına and içirəm, qorxaqlığın nə olduğunu hiss etmərəm. Qoy mənim dostum Nizaməddin (Nizami) öz fikrini açıq desin. Hərgah o, lazım görərsə yenə də Azərbaycan igidlərinin qılıncları qınından çıxacaq, yenə də əmudlarımız Bağdad qapılarını sındıracaq, yenə də Aran atları başını Dəclə çayına salıb kişnəyə-kişnəyə su içəcəkdir. Fəxrəddinin bu sözündən sonra hər kəs öz qadınına tərəf dönüb and içir və müharibəyə hazır olduğunu bildirirdi. Nizami yenə də danışaraq: – Mən öz fikrimdə yanılmadım, – dedi, – Azərbaycan xalqını idarə edən rəhbərlərin qəhrəmanlıq və igidliyinə olan etimadım bir daha doğruldu. Mən demək istədiyim sözləri Fəxrəddin tamamilə sizə dedi. Lakin mən bu söhbətləri, əsas bir cəhəti qeyd etməklə tamamlamaq istəyirəm. Düşməni Azərbaycan içərisində yox, Azərbaycan xaricində döymək lazımdır. Cənub-qərbdə Həmədan, cənubda isə Qəzvin şəhəri bizim doğma sərhədimizdir. Bu yerləri bizim öz xalqımız üçün, sərhəd xaricində olan yerləri isə Əbubəkr Nüsrətəddin üçün müdafiə etməliyik. Çünki Əbubəkr bizim bacım oğludur. Onu azərbaycanlı qızı doğmuşdur. Düşmən sərhədimizdən nə qədər uzaqda olursa, səadət və əmniyyətimiz də o qədər yaxınımızda olar. Harada azərbaycanlı yaşayırsa, orası bizim doğma vətənimizdir. Onun namusu – ata namusu qədər müdafiə olunmalıdır. Nizaminin təklifləri bir səslə qəbul olundu. Ziyafət Dilşad və Süsənin musiqi və nəğmə səsləri ilə qurtardı. * * * Bu gün Cənubi Azərbaycana gedən ordunu yola salmaq üçün aranlılar arvadlı-kişili Gəncənin üç fərsəng məsafəsində olan Xanəgah kəndi ətrafında yığışmışdı. Kəndin düzlərində çalıb-oynayan qız və gəlinlər, orduya yemək hazırlayan gənclər və qocalar gecədən bəri çalışırdı. Minlərcə ocaqlar qurulub, yüzlərcə qoyun kəsilir, kabab şişlərinin sayı müharibəyə gedənlərin nizəsinin sayından bir neçə qat artıq idi. Xanəgah kəndinin qarşısından kəndin dörd fərsəng məsafəsində olan İsfahan kəndinə qədər ordunun çadırlarından başqa bir şey görmək mümkün deyildi. Ordu tamamilə gəlib Xanəgah və İsfahan kəndi ətrafında yığışana qədər aranlılar da ağacların kölgəsində düşüb çalır, oxuyur, oynayır və yeyib-içirdilər. Dördüncü gün ordu nahar yeməyindən sonra köçüb Bazarçuq kəndi altında gecələyəcək idi. Çadırları və orduya lazım olan şeyləri daşıyan minlərcə dəvə, qatır karvanları Xanəgah kəndindən yüklənib Bazarçuqa tərəf gedirdilər. Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi. Ordu köçməyə hazır idi. Lakin hər kəsin gözü Gəncə tərəfində idi, sanki onlar möhtərəm bir adamın intizarını çəkirdilər. Bir azdan sonra uzaqdan qəliz toz dumanlarının intizamını pozaraq kiçik bir dəstə göründü. Dərhal Fəxrəddin və Əlaəddin çadırlardan çıxıb yaxınlaşmaqda olan karvanı istiqbal etdilər. Bu dəstə Nizamidən, onun qadını Rəna, oğlu Məhəmməd və Gəncə ziyalılarından ibarət idi. Ordu xalqı atlanıb, təzə gələn dəstəni salamlamaq istəyirdi. Gələnlər atlıların qalın dəstələri arasından keçib Fəxrəddinin çadırına yanaşdığı zaman, üzərində qoşa qılınc şəkilli qırmızı bayrağı çadırdan çıxardılar. Bayraq çadırdan çıxarıldığı zaman şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. Günəşin işığında parlayan qılınclar Xanəgah kəndi dağlarında ildırım şığıdığını xatırlatdı. Ordu and içdiyi zaman, Nizami orduya müraciət edərək ucadan dedi: – Azərbaycan xalqı! İgidlər! Qəhrəmanlar! Xalqımızın tarixi igidliklər və qəhrəmanlıqlarla doludur. Vaxtilə ərəblər və farslar bizdən hər bir şeyi aldılar. Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixi qəhrəmanlığı bizim əlimizdən ala bilmədilər. Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. Lakin buna baxmayaraq, sizin babalarınız vaxtilə Asuri, Qəldani və İran kimi böyük dövlətləri dizə çökdürmüş və özünün dünyada azad yaşamaq qabiliyyətini göstərmişdir. Çünki bizim məmləkətimiz qəhrəmanlar yetişdirmək işində bütün ölkələrə üstündür. Bir zaman sizin yaşadığınız yerlərdə Fərhad və Astiyaqlar kimi qəhrəmanlar və mədəni şəxsiyyətlər yaşamışdır. Bu gün İran məmləkətində gördüyünüz mədəniyyət sizin babalarınız tərəfindən düzələn mədəniyyətdir. Azərbaycan heç bir zaman qılınc və ordu gücünə təslim olmamışdır. Sizin babalarınız bu şərəfi öz həyat tarixlərində bütün dünyaya isbat eləmişlər. Lakin düşmən, Azərbaycan xalqı kimi sarsılmaz bir xalqı, bu xalqın ittifaqını pozmaq nəticəsində məğlub edib və əsirliyə almışdır. Buna görə də siz bu tarixi bayrağın önündə ittifaqı pozmamağa və sərkərdələrinizin əmrlərindən boyun qaçırmamağa and içməlisiniz. Nizaminin bu sözündən sonra on minlərcə qılınc havaya qalxıb yenə də endi. Nizami isə sözündə davam edirdi: – Düşmən, tarixdə babalarınızın boynuna salmaq istədiyi zənciri, sizin də boynunuza salmaq üçün gətirir. Lakin siz bu səfərdə onlara göstərməlisiniz ki, Azərbaycan xalqının boynu onların düşündükləri qədər düşkün boynlardan deyil. Bu gün siz köhnə və tarixi paytaxtınız olan Həmədanı düşmən əlindən qurtarmaq üçün gedirsiniz. Bizim bu mübarizəmiz nə Azərbaycan atabəyləri, nə də onlardan sonra taxta oturacaq şahların xatirəsinə deyildir, biz bu müharibəyə Azərbaycan xalqının milli qürur və milli sərhədini müdafiə etmək üçün gedirik. O nə ərəbin, nə İraqın, nə də İranın deyildir. Ora bizim idi, bizim də olmuş və gələcəkdə də bizim olacaqdır. Mən bu bayrağı sizin sərkərdəniz olan Fəxrəddinə tapşırıram. Siz bu bayrağı düşmən əlinə verməmək və onu başı aşağı etməmək üçün öz tarixi şərəfinizi hər an xatırlamalısınız, bu bayrağın qırmızı rəngə boyanması xalqımızın öz azadlığı uğrunda tökdüyü qanların tarixini oxumaq üçündür. Nizami bayrağı Fəxrəddinə tapşırdığı zaman, təbil və şeypurların səsi eşidildi. Nizami Fəxrəddini bir daha öpdü. Bütün atlılar gəlib bayrağı salamlayıb keçdi, Fəxrəddin də son dəfə Dilşadla vidalaşıb yola düşdüyü zaman: – Birinci məktubunu Həmədandan, ikinci məktubunu isə Bağdaddan gözləyirəm, – sözlərini eşitdi. Bu səs Dilşadın səsi idi. * * * Şimali Azərbaycandan cənuba gedən ordu, iki dəstəyə ayrılmışdı. Birinci dəstə Fəxrəddinin rəhbərliyi altında Naxçıvan yolu ilə, ikinci dəstə isə Əlaəddinin başçılığı ilə Qarabağ və Qaradağ yolu ilə Təbrizə tərəf irəliləyirdi. Vəliəhd Təbrizdə Fəxrəddinin Naxçıvana yaxınlaşdığı xəbərini alan kimi, ordunu istiqbal etmək üçün Araz çayı kənarına gəldi. Cənubi Azərbaycan ziyalıları, alimlər, şairlər və vətənpərvərlərin hamısı vəliəhd ilə bərabər Ziyaülmülk körpüsünün cənub tərəfində durub Şimali Azərbaycan ordusunu gözləyirdilər. Körpünün cənub və şimal tərəfi əlvan fənərlərlə bəzənmiş, hər tərəfdən şallar, çiçəklər, qiymətli fənərlər asılmışdı. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. Araz çayının cənub tərəfindəki uca dağlar minlərcə məşəllərin şəfəqinə bürünmüşdü. Gecə saat ikidən başlayaraq Şimali Azərbaycan ordusu sel kimi axıb Araz çayının kənarına tökülürdü. Daşlar üzərində səslənən at dırnaqlarının şaqqıltısı cənubdakı sıldırım qayalara əks etdiyi zaman, ildırım şığıyaraq qayaların axıb töküldüyünü xatırladırdı. Bütün mühit at kişnəmələri, at, dəvə və qatar zənglərinin şaqqa-şaqqa altında titrəyirdi. Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarının və Ələnciq qalasını titrədirdi. Çadırların qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. Gündüz saat on ikiyə yaxın Azərbaycan ordusu Ziyaülmülk körpüsündən Cənubi Azərbaycana köçməyə başladı. Cənubdan: “Yaşasın azərbaycanlılar, yaşasın qardaşlıq, yaşasın qəhrəman Fəxrəddin!” səsləri bir-birinin dalınca eşidilirdi. Vəliəhd atlanıb körpünün cənub qapısında durmuşdu, o şimaldan gələn ordunun rəsmkeçidini qəbul edirdi. Körpü darısqal idi, oradan ancaq dörd atlı yanyana keçə bilirdi, buna görə də körpünü keçmək uzun çəkməsin deyə, atlılara, atlarını sürətlə sürmələri əmr edilmişdi. Qabaqca Qarabağ atlıları qılınclarını sıyırıb çiyinlərinə qoydular və vəliəhdi salamlayıb keçdilər. Qarabağlılardan sonra Şəmkir və Şəmsəddinlilər gəlib keçdilər. Hamıdan sonra, Aran ordusu hərəkət etdi. İki qılınc şəkilli bayraq Fəxrəddinin başı üzərində hərəkətə başladığı zaman, sanki şimaldan cənuba insan selləri axırdı. Cənubdan, şimaldan musiqi səsləri ucalmağa və “yaşasın qəhrəman Fəxrəddin!” səsləri eşidilməyə başladı. Fəxrəddin bayraqla bərabər vəliəhdin yanına yetişərkən atından düşüb onu salamlamaq və torpağı öpmək istərkən, vəliəhd dərhal atından piyada olub Fəxrəddinə torpağa düşmək imkanını vermədi və onu əlindən tutub dedi: – Bu gündən etibarən torpağa düşüb, təzim etmək adətini ləğv edirəm. Bu adəti İran şahları və Səlcuq hökmdarları xalqın milli qürurunu məhv etmək üçün yayıblar. Xüsusən qəhrəmanların başı heç bir zaman əyilməməlidir. Qoşunun körpüdən keçməsi davam edirdi. Fəxrəddinin əmrinə görə Azərbaycan bayrağını vəliəhdin başı üzərində saxladılar. Bu adət ordunun baş sərkərdəliyini vəliəhdə həvalə etmək demək idi. Vəliəhd buna razı olmadı və: – Şimali Azərbaycan ordusunun sərkərdəliyi öz qəhrəmanına məxsusdur, – dedi. Ordu axşam qaranlıq düşənə qədər körpüdən keçdi, sonra ordunun silahları qatırlara və dəvələrə yüklənərək körpüdən keçməyə başladı. Əmudlar, gürzlər və şəşpərlər, ox və kaman ehtiyatı, ağır məncəniq və ərusəklər, dəmir kərpiclər, qarurə, ehtiyat qılınclar, nizələr, minlərcə polad qübbəli qalxanlar, məğfərlər və dəmir geyimlər yüklənmiş dəvə və qatırlar karvanı vəliəhdin çadırının qabağından keçdiyi zaman: – Mən qalib gələcəyəm! – deyə vəliəhd sevindi. Fəxrəddinlə Təbriz altına qədər irəliləyən Azərbaycan ordusu, Acıçay kənarında çadırlarını qurub Qarabağ yolu ilə gələn Əlaəddinin dəstəsini gözləyirdi. Bir gün sonra Əlaəddinin dəstəsi Təbrizə yetişdi, ordu iki gün rahat olandan sonra Təbrizdən Qəzvinə doğru hərəkət etdi. Fəxrəddin Təbrizdən əlli min atlı qoşunla hərəkət etdiyi zaman onu, Təbriz əyan və ruhaniləri vəliəhd ilə birlikdə Vasminc şəhərinə qədər yola saldı. Xalq arasında söhbətlərin məzmun və mündəricəsi olduqca müxtəlif idi: – Bu müharibənin öhdəsindən əlli min qoşun ilə gələ bilmək fikri sadəlikdir. – Bağdad ordusunun sayı yüz min nəfərdən artıqdır. – Yaquba, Şəhriban, Qızıl Rübat, Qəsr-Şirin, Harunabad, Kirmanşah, Əsədabad və Gəngavər şəhərlərində qoşun əlindən hərəkət etmək mümkün deyil. – Həmədan ilə Qəzvin arasında olan qoşunun sayını Allahdan başqa bir adam da bilməz. – Əlli min yalnız İraq atlılarıdır. – Fəxrəddin çox da özünə öyünməsin. Bağdad ordusunun içində minlərcə Fəxrəddinlər vardır. Bu müharibədə Fəxrəddin başını sındıracaqdır. – Özü də çox uzaq bir zamanda yox, ən yaxın günlərdə məlum olacaq. Başqa məzmunda söhbətləri də eşitmək mümkün idi: – Qarışqanın sayı filin sayından artıqdır. Lakin fil bir kərə ayağını yerə qoyanda yüz minlərcə qarışqa tələf olur. – Ona Fəxrəddin deyərlər. Bağdadlılar onu çox gözəl tanıyır, Azərbaycan ordusu tarixdə heç bir zaman məğlub olmamışdır. ...Azərbaycan ordusunun qabaq hissələri İmamzadə Hüseynə yetişdikləri zaman İraq və Bağdad qoşununun Qəzvin şəhərini işğal etdikləri məlum oldu. Ordu orada dayandı, vəziyyəti Fəxrəddinə xəbər vermək üçün təcili çapar göndərdilər. Düşmən ordusundan alınan gizlin xəbərlər, onların irəli hərəkət etmək istədiklərini göstərmirdi. Qəzvin ancaq Bağdad ordusu işğal etmişdi, onların əsas olaraq istinad edəcəkləri Rey ordusu hələlik Qəzvin altına gəlib çatmamışdı. Qətibənin özü bir aydan bəri Soltaniyyə camesində çadırını qurub oturmaqda və Rey ordusunun təşkilatı ilə məşğul olmaqda idi. Alınan xəbərlərə görə Rey ordusu da Azərbaycan ordusu kimi iki hissəyə ayrılmışdı. Onların bir hissəsini Qütlüğ İnanc, o biri hissəsini Hüsaməddin idarə edirdi. Qətibə Bağdad ordusu sərkərdəsinə göndərdiyi məktubunda deyirdi: “Rey qoşunu Qəzvin altına gəlmədən qabaq müharibəyə başlanmasın, hərgah azərbaycanlılar hücuma keçərsə, müdafiə halında durmalısınız. Aldığım xəbərlərə görə azərbaycanlıların qüvvələri çox azdır. Müharibə yaxşı tədbir üzərində aparılarsa, onların məhv edilməsi ancaq bir neçə günün işidir. Qalib gəldiyiniz zaman, Seyid Əlaəddin və Fəxrəddini diri tutmalısınız. Onları mən özüm cəzalandıracağam. Onları diri tutanların hər birisi beş min dirhəm qızıl mükafat alacaqdır”. Qətibə məktubu içi boş bir əsanın içinə qoyub qasidə verdi və ehtiyatlı olmasını tapşırdı. Qasid Nərcə kəndinin yanından keçərkən, Fəxrəddinin ordusundan göndərilən kəşfiyyatçılardan Dəmirə rast gəldi. Kəşfiyyatçı qasidi dayandırıb soruşdu: – Haradan gəlirsən? – Soltaniyyədən. – Hara gedirsən? – Bu nə sualdır? Görürsən ki, Qəzvinə gedirəm. – Nə üçün gedirsən? – İşim vardır, ailəm oradadır. – İrəli gəl, səni axtaracağam. – Rədd ol buradan səfilin birisi! – Artıq danışıq lazım deyil. Soyun, deyirəm! – Mən sənin kimi yolvuranları çox görmüşəm. Bu sözdən sonra Dəmir qılıncı qasidin başına endirmək istərkən, qasid ağacı qılıncın qarşısına verdi, ağac sındığı zaman məktub yerə düşdü. Dəmir isə məktubu götürüb qasidi qolları bağlı olaraq Fəxrəddinin yanına gətirdi. * * * Qütlüğ İnancın ordusu hələlik cəbhəyə gəlməmişdi, lakin Hüsaməddin sübh açılan kimi Rey ordusunun əsas hissələri ilə bərabər cəbhəyə yola düşəcək idi. Qətibənin qulamı Hüsaməddinin çadırına gəlib onu mələkənin çadırına çağırdı. Hüsaməddin çadıra girdiyi zaman Qətibəni həddindən artıq şad gördü. O yenə də bəzənmiş və cəvahirlərini üzərinə tökmüşdü. O irəli gəlib əlini Hüsaməddinə uzatdı: – Mənim sevimli dostum! – dedi. – Bu günlər sənin və mənim çəkdiyim iztirabların son günləridir. Sən özün çəkdiyin əziyyətləri ölçüyə vurduğun zaman, mənim nə qədər iztirab çəkdiyimi təyin edə bilərsən. Nə edəydik? Öhdəmizdə olan vəzifə iztirab tələb edəcək vəzifə idi. Hüsaməddin, mən qəlbimi sənin qəlbinə aşılamaq üçün iki böyük hökmdarı məhv etdim. Üçüncüsünü isə taxt-tacını buraxıb qaçmağa məcbur etmişəm. İndi isə son günlərdir, vəzifələri tamamlamaq və acı iztirabların şirin nəticəsini almaq zamanı yetişibdir. Sən bilirsən ki, bu müharibədə iştirak edənlərin hər birisi bir məqsəd üçün yox, bir əmrə itaət etmək üçün müharibə edirlər. Lakin sən həm bir əmr üçün, həm də müqəddəs bir məqsədi həyata keçirmək üçün müharibə etməlisən. Sənə həm mən əmr edirəm, həm də sənin mənə olan sevgilərin səni cəbhəyə göndərir. Sən bu müharibəni qazanmaqla mənim qəlbimi qazanmış olacaqsan. Düşmənə endirdiyin hər bir zərbə mənim döşümə taxacağın bir çiçək qədər qiymətli olacaqdır. Mənim dostum! Sən hələ mənim gözümdə gəncsən. Mən çox təəssüf edirəm ki, gəncliyə məxsus zənginliyi sənin əlinə tapşırmağa müvəffəq ola bilmədim. Hüsaməddinin heyvani duyğuları yenə də coşdu, yenə də o, Qətibənin bu sözlərini eşidərkən, hazırda qarşısında duran Qətibəni deyil, gənc, gözəl, sevgili Qətibəni görməyə başladı. Xəyal və şəhvət yenə də onun gözlərini pərdələdi, onun qəlbi yenə də müdhiş cinayətlərin üzərindən atılıb şirin və sevimli keçmişlərə qayıtdı və o, öz-özünə dedi: “Xoş günlərin xatirəsi də bir vüsal qədər müqəddəsdir. O ancaq indi-indi qadınlıq yaşına çatır. O, artıq kişi ilə bir qız kimi oynamağı yox, onu bir kişi olaraq qiymətləndirməyi bacara bilir, bunların hamısından sonra, o, Şərqin məşhur qadınıdır. Xalqın “Hüsaməddin Eldəniz xanodanının böyük mələkəsini qolları arasına almışdır” – deməsi mənim üçün bir şərəfdir. O, gözəl və əylandirici bir qadındır. Hüsaməddin bunları düşünərkən şəhvət onu irəliyə sürüdü, o dodaqlarını yenə də Qətibənin dodaqlarında gördüyü zaman, qulaqları həmişəki sözü eşitdi: – Hüsaməddin, dalısı sonra! O, geri çəkilib mələkəyə təzim edərək dedi: – Elədir mələkə! Məni bu müharibəyə cəlb edən iki şeydir. Biri əsgəri vəzifəm, ikinci isə mələkəyə olan hörmət və pərəstişimdir. Madam ki, mələkə mənim üçün yaşamaqdadır, mən də onun üçün ölümə getməyə hazıram. Mən qələbəyə ümid edirəm. Hərgah Fəxrəddin azərbaycanlı olduğu üçün özünü qəhrəman hesab edirsə, onun qarşısında duran zat da azərbaycanlıdır. Fəxrəddin və Əlaəddinin boyunlarına ip salıb sürüyə-sürüyə mələkənin yanına gətirəcəyəm. Qətibə bir daha onun boynunu qucaqlayıb öpdü və: – Mən onları dara çəkdirəcəyəm. Kəbinimiz dar ağacının altında kəsiləcəkdir, – dedi və dodaqlarını Hüsaməddinin dodaqlarından çəkərkən əlavə etdi. – Birbaş Təbriz üzərinə hücum edib vəliəhdi öldürərsən, sonra da onun nişanlandığı Təliənin saçlarından tutub sürüyə-sürüyə hüzuruma gətirərsən. Son tapşırığım bundan ibarətdir. Lakin Qətibə öz dediklərinə inanmırdı. Çünki o, Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. Hüsaməddin vidalaşaraq yola düşəndən bir gün sonra Qətibənin oğlu Qütlüğ İnanc da Soltaniyyədə olan beş min atlı ilə Qəzvin şəhərinə yola düşəcək idi. Qətibə oğlunun üzündən öpərək: – Ehtiyatlı ol, səni müharibəyə yox, müharibəyə rəhbərlik üçün göndərirəm, – dedi. – Sən ölməyə deyil, qoşunlarına “Vətən yolunda öl” demək üçün gedirsən. Sərkərdələrini öyrən, hər kəs nəyi sevirsə, onu da vədə ver. Xırda ehsanları xırdalar üçün, böyük ehsanları isə böyük adamlar üçün əsirgəmə. Ağıllı adamları öz yanında saxla. Onları müharibəyə buraxma, çünki əqilli olanlar, bu müharibənin məzmununu anlayanlar, bizim yolumuzda ölümə getməzlər. Sən qəhrəmansan, lakin qardaşın Əbubəkr də qəhrəmandır. Atanızın pəhləvanlıq irsinin böyük bir hissəsi onun qismətinə düşmüşdür. Buna görə də onunla qarşı-qarşıya gəlməməlisən. Bu müharibənin nə üzərində getdiyini pərdələmək üçün ərəb və iranlıların vətən və millət duyğularını coşdurmalısan. Təbrizə girdiyin zaman Təbriz əyanlarına, Təbriz ruhanilərinə bacardığın qədər hədiyyələr və ehsanlar ver, çünki onlar üçün hədiyyə və ehsan hər şeydən – vətəndən, dindən də qiymətlidir. Atan daima deyərdi ki: “Təbrizi ehsan və xələt, reyliləri aldatmaq, Xorasanı vədələr, Azərbaycanı daxili ixtilaf, fars məmləkətlərini isə din və məzhəb mübahisələri nəticəsində özümə bağladım”. Buna görə də girdiyin ölkələrdə atanın getdiyi yol ilə get. Xalqın əsas bir xüsusiyyəti vardır, onlar böyük bir məmləkəti qarət etmək üçün gəldiyini hiss etsə belə, on nəfərə ehsan etdiyin üçün səni bir hatəm kimi tanıya bilərlər. * * * Təbriz ilə Qəzvin arasında təcili poçt düzəldilmişdi. Vəliəhd cəbhənin vəziyyətilə bir günün müddətində tanış ola bilərdi. Vəliəhdin Fəxrəddinən aldığı son məktub təskinedici bir surətdə yazılsa belə, yenə orada düşmən qüvvəsinin sayca bir neçə qat artıq olduğu göstərilirdi. Bu müharibədə yalnız ərəb və iranlılar deyil, Xarəzmşahın qoşunları da iştirak edirdi. Azərbaycan Atabəyliyini Şərq səhnəsindən silmək üçün böyük bir ittifaq düzəlmişdi. Düşmənin hücuma keçməsi, Qəzvin ətrafını möhkəmlətməsi, onun böyük müharibəyə hazırlandığını göstərirdi. Qəzvin altında baş verən bu müharibə Yaxın Şərq tarixində mühüm bir hadisə şəkli alırdı. Bu cəhətləri nəzərə alaraq vəliəhd hadisəyə yalnız adi bir müharibə kimi yox, xanədan və hökumət təddəddülatı məsələsi kimi baxırdı. Vaxtilə Qızıl Arslan tərəfindən sürgün edilmiş qoca vəzir Şəmsəddin Qızıl Arslanın öldürüldüyünü və məmləkətə qarşı düşmənlərin böyük bir ittifaq düzəltdiyini eşidərək Təbrizə gəlmişdi. Şəmsəddin, Əlaəddin və Fəxrəddinin iştirakı ilə düzələn müşavirədə Azərbaycan ordusunun müdafiə halında durmayıb hücuma keçməsi qərarı çıxarılmışdı. Qoca vəzir Fəxrəddinə yazdığı məktubunda deyirdi: “Müharibəni qazandıran əsas cəhətlərdən birisi də ruh yüksəkliyidir. Ruh yüksəkliyi, daima müharibə təşəbbüsünü əlinə alan və hücum edən tərəfin əlində ola bilər. Buna görə də sənin rəhbərliyin altında olan ordu özünü müdafiəyə yox, hücuma hazırlamalıdır. Çünki Azərbaycan ordusunun tutduğu hazırkı mövqe müdafiə üçün əlverişli deyildir. Düşmən ordusunun hazırda Siyahdəhan və Suniqan tərəflərini əldə etmək təşəbbüsü, Azərbaycan ordusunu Xərrud və Əbnərrud çaylarının arasına sıxışdırıb məhv etməkdən ibarətdir. Buna görə də hər nə qiymətə mal olursa olsun, Şərəfabad təraflərini işğal edib, düşmənin arxasına keçmək hərəkətini asanlaşdırmalıdır. Düşmənin cəbhəyə sürdüyü ordunun sayı nə qədər artıq olursa, o qədər də tez məğlub olacaqdır. Çünki Qəzvinin hərb səhnəsi olduqca dardır. Böyük bir ordu oynatmaq üçün əlverişli deyil. Əsas dəstürüləməli vəliəhd həzrətlərinin özü gətirməkdədir”. Şəmsəddin bu məktubu Fəxrəddinə göndərdikdən sonra vəliəhdə nəsihət verib dedi: – Hökmdarın ordu içərisində olması mütləq lazımdır, çünki bununla orduda ruh yüksəkliyi oyanar və qoşunun qəhrəmanlığı artar. Eyni zamanda, hökmdarın qılıncla müharibədə iştirak etməsi ordunun məğlubiyyətinə səbəb ola bilər. Ən qüvvətli bir ordu hökmdarının atdan düşdüyünü görürkən ruhdan düşər və müharibə etmək istəməz. Bu müharibə ancaq sənin əleyhinədir. Buna görə də düşmən birinci növbədə hökmdarı hədəf etmək istəyəcəkdir. * * * Təliə vəliəhdin cəbhəyə getmək xəbərini bir neçə gün əvvəl eşitmişdi, indi də onu səfər libasında gördüyü üçün şiddətlə ağladı. Vəliəhd onu bu göz yaşlarından mən etmək və təsəlli vermək üçün saçlarını sığallayaraq deyirdi: – Nə üçün ağlayırsan? Bizim xoşbəxtliyimiz sarayda qapanıb qalmaqda deyil, çünki ağır bir qiymətə mal olmuş bu məmləkəti ucuz qiymətə satmaq tarixcə böyük həqarətdir. Bizim xoşbəxtliyimiz ən yaxın bir zamanda və ən böyük bir qələbədən sonra baş tutacaqdır. Çünki bütün xoşbəxtliklər namus və şərəf üzərində qurulduqdan sonra davam edə bilər. Təliə, bu müharibə mənim ilə sənin bacın oğlunun arasında gedən şəxsi bir müharibədir. Xalq cəbhədə özünü mənim yolumda qurban verdiyi sırada, mənim qorxaqcasına sarayın bir bucağına qısılıb qalmağım qorxaqlıq və vicdansızlıqdır. De görüm Təliə, sən qorxaq, həqir və vicdansız bir adamın üzünə nə cür baxa bilərsən? Təliə daha ağlamırdı, o, göz yaşlarını silərək deyirdi: – Sən bunların heç birisindən deyilsən, mən də bu sənətdə olan adamı sevmirəm, lakin sənin həyatını da başqalarına inana bilmirəm. – İnan Təliə, mən yabançıların içinə getmirəm, öz doğma xalqımın içərisinə gedirəm. Onlar məni sevirlər. Mən onların bacısı oğluyam. Bacın Qətibənin mübarizəsi də bu zəminədə gedir. Çünki o mənim anamı bir kəndli qızı hesab etdiyi üçün məni vəliəhdliyə səlahiyyətli görmür. Lakin Azərbaycan xalqı öz bacısı oğlunun haqqını müdafiə etmək üçün iyirmi beş yaşından başlayaraq əlli yaşına qədər silaha sarılmışdır. Onlar məni cəbhədə gözləyirlər. Təliə, tək getmirəm, anam da Arandan gəlibdir. O da öz qardaşları və qohumları ilə bərabər cəbhəyə gedir. Vəliəhd bu sözləri danışdığı zaman qapı açıldı, ucaboylu və qırx beş-əlli yaşlarında bir qadın içəri girdi. Qadın fikirli gözlərini açıb bir Əbubəkrə, bir də Təliəyə baxaraq durdu. Vəliəhd sükutu pozaraq: – Təliə, bu mənim anamdır. Gəl əlini öp, o bizim xoşbəxtliyimizin əleyhinə deyil, o səni də, məni də qəlbən sevir. O həm qəhrəmandır, həm də mehriban bir anadır. Qadın irəli gəlib bir əli ilə Təliənin, o biri əli ilə də Əbubəkrin əlindən tutaraq: – Əmin olun! – dedi. – Müharibələr hər nə məqsəd üzərində gedirsə getsin, sonunda bir həqiqətlə nəticələnmiş olur. Nə mənim özüm mələkəlik iddiasında olmuşam, nə də oğlumun padşahlığa yetişməsini istəmişəm. Lakin Azərbaycan öz oğlunun haqqını müdafiə etmişdir, yenə də edir. Buna görə də mən Atabəy Məhəmməd öldürüldüyü zaman oğlumu da götürüb Azərbaycana qayıtdım. Mələkəlik və varislik mübarizəsinə qarışmadım. Lakin hazırda Atabəy Məhəmməd və Qızıl Arslan öldürüldükdən sonra düşmən mənim oğlumu da məhv etməyə çalışır. Hazırda mən öz qohumlarım və öz elim bərabər cəbhəyə gedirəm. Bu gediş oğlumu müdafiə etməklə bərabər, Azərbaycanın istiqlaliyyətini də müdafiə etməlidir. Sənin oğluma qarşı olan sədaqət və sevginə inanıram. Sən bunu işdə göstərdin. Mən nə qədər ki, sənin bacını düşmən tuturam, bir o qədər sənin dostumam. Azərbaycanlıların dostpərəst olduqlarını bugünkü hadisələrlə təyin edə biləcəksən. Şirvan hüdudundan başlayaraq Qəzvin hüduduna qədər olan uzun yollar cəbhəyə sursat daşıyan karvanlar ilə işğal edilibdir. Qadın bu sözləri dedikdən sonra qiymətli bir üzük çıxarıb Təliənin barmağına taxdı və dedi: – Bu üzüyü sənin barmağına taxan Azərbaycan qızı Gözəldir. Bu üzük sənin nişan üzüyündür. Toy isə qələbədən sonra. Qadın bunları deyib getdiyi zaman, Təliə onun dalınca baxaraq sevindiyindən ağladı və: – Doğrudan da gözəldir. Bu ad ancaq sənin anana layiqdir, – dedikdə vəliəhd də onun dodaqlarından öpərək: – Sən də gözəlsən, mənim ruhum! Hələlik salamat qal, – deyərək, vidalaşıb getdi. Təliə isə otağın ortasında durub düşünür və öz-özünə deyirdi: “Bu müharibə iki qardaşın arasında, eyni zamanda iki bacının arasında gedən müharibədir. İndi görək iqbal kimin üzünə güləcəkdir”. * * * Vəliəhdin rəyasəti altında çağırılan hərbi müşavirə gecə saat ikidə qurtardı. Saat üçdə Fəxrəddin Şəmsəddinli atlılarına əmr verdi. – Bu gecə, səhər açılmazdan Şəmsəddinli atlısı Şərafabadı işğal etməlidir. Qarabağ atlısı isə Qəzvinin üç fərsəng məsafəsində olan Məkul çeşməsinin ətrafını tutmalıdır. Gündüz saat on ikidə gələn xəbərlərdə Şərafabad altında qanlı müharibələr getdiyi və nəticədə Şəmsəddinli atlısının Şərafabadı işğal etdiyi söylənirdi. Məkul çeşməsi ətrafını əldə etmək üçün hücum edən Qarabağ atlılarının düşmənin böyük bir qüvvəsinə rast gəldiyi xəbəri çatınca, Şəmkir atlıları Qarabağ atlılarının köməyinə göndərildi, nəhayət, Məkul çeşməsi ətrafında yerləşən iraqlılar öz silah və sursatlarını qoyub qaçmağa məcbur oldular. İkinci gün Bağdad qoşunları böyük dəstələrlə Suniqandan hərəkət edib Şərafabad üzərinə şiddətli bir hücum düzəltdilər. Üç gün davam edən bu müharibə Bağdad qoşununun məğlubiyyəti ilə bitdi. Məkul çeşməsi ətrafını qaytarmaq üçün vuruşan iraqlılar isə dörd günlük müharibədə qüvvələrinin mühüm bir hissəsini itirəndən sonra geri çəkilməyə məcbur oldular. İki gün hər tərəfdə sakitlik davam etdi. Fəxrəddinin əldə etdiyi məlumatda düşmənin müdafiə halına keçməsi və bunun üçün də Qəzvin ətrafında istehkamlar düzəltməsi xəbəri gəldi. Düşmənin istehkamlarını dağıtmaq üçün gətirilmiş beş yüz mənçəniq, Şərafabad ətrafında qurulmağa başladı. Üçüncü gün səhər açılan kimi on batmanlıq daş atan mənçəniqlər Siyahdəhən, Şah və Suniqan məntəqələrini döyməyə başladı. Bir gün, bir gecə davam edən mənçəniq müharibəsi nəticəsində düşmən səngərləri daş təpələri şəklini aldı, minlərcə meyit daş qırıntıları altında küftə kimi əzildi. Qütlüğ İnanc vəziyyəti ağır görüncə, atını minib İraq atlısına hücum əmri verdi. Günəş Səkzəbad təpələrinin dalından çıxan zaman, on minlərcə qılınc qınından çıxmışdı. Polad geyimlərə bürünmüş iki sel sürətlə bir-birinə qarşı axırdı. Mənçəniqlər susmuşdu. Fəxrəddinin səsindən başqa bir səs eşidilmirdi, o: – Qarabağlılar irəli! Şəmsəddinlilər sağa! Gəncəlilər sola! Qaradağlılar mərkəzə! – deyə qışqırır və atını düşmən selinə qarşı məhmizləyirdi. Beş dəqiqədən sonra sanki iki ildırım bir-birinə toxundu. Qılınclar qalxanların qübbələrinə toxununca minlərcə insanın başından qığılcımlar çıxmağa başlamışdı. Atlar insanların meyiti üzərindən atılıb keçirdi. Minlərcə yəhərli qanlara boyanmış atlar sahibsiz olaraq vuruşma məntəqəsindən ayrılıb düzlərə qaçırdı. Qılınc şaqqıltısı, at iniltisi və pəhləvanların qışqırtısından başqa bir səs eşidilmirdi. Yerlər meyitlərlə dolmuşdu. At oynatmağa imkan qalmamışdı. Günorta zamanı Qütlüğ İnanc atını məhmizləyib irəli keçdi. O, Fəxrəddinlə qarşı-qarşıya gəlib onu səslədi: – Dayan, Fəxrəddin! Səninlə döyüşmək fikrində deyiləm. Çünki bir tək səni öldürməklə bu müharibə bitməyəcəkdir. Bu müharibə iki qardaşın arasında gedən müharibədir. Onlardan birisi məhv olmadan bu müharibə bitməyəcəkdir. Hər iki tərəf müharibədən əl çəkib Qütlüğ İnancı dinləyirdi. Atların nəfəsinin fısıltısından başqa bir səs eşidilmirdi. Qütlüğ İnanc sözünü davam etdirib dedi: – Qoy Əbubəkr özünü müdafiə etmək üçün minlərcə xalqın ölümünə əmr verməsin. Qoy onun özü mənim müharibəmə çıxsın. Qoy qılıncını çəkib mənə hücum etsin. İkimiz müharibə edək. Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. Qoy onlar özü bizim aramızda hakəm olsunlar. Cahan pəhləvan Məhəmmədin pəhləvanlıq mirası kimin əlinə çatmışsa, qoy məmləkət də onun ixtiyarında qalsın. Qütlüğ İnanc bunu deyərək atını oynatdı. Hər iki tərəfdən ona tamaşa edənlər bir ağızdan: – Atabəy Məhəmməd bir daha dünyaya qayıtmışdır, – deyir və onun boy-buxununa tamaşa edirdilər. Fəxrəddin atını məhmizləyib danışdı: – Bu müharibənin haradan və nə üçün başladığını bütün xalqlar bilir. Bu müharibə ölümlərdən, qan və böhtandan ləzzət alan bir qadının həyatı keçə bilməyəcək arzularından doğmaqdadır. Bu ixtilafı Azərbaycan xalqının qılıncları həll edəcəkdir. Qütlüğ İnanc atının başını çəkib durdu və etidalını pozmayaraq Fəxrəddinə nəsihətverici bir halda dedi: – Fəxrəddin! Sənin böyük bir pəhləvan olduğunu bilirəm. Lakin birinci kərədir ki, səninlə üz-üzə gəlirəm. Səndən bir əsgər kimi rica edirəm, anamın adını çəkmə, hərgah mən də sizin ananızın adını çəkərsəm, müharibə uzanar. Sənin bizim ailəyə qarşı olan barışmaz düşmənliyini bilirəm. Bunun cəzasını sonra da verə bilərəm. Sən hələlik qayıt, sizi bu cəbhəyə göndərənləri mənim yanıma göndər. Bütün Azərbaycan xalqına yalvarıram: qardaşlar arasında gedən müharibəyə yadlar qarışmamalıdır... Qütlüğ İnancın bu sözlərini yalnız öz ordusu deyil, Azərbaycan ordusu da təsdiq edirdi: – Doğrudur! Doğrudur! Lakin vəliəhdin ətrafında olanlar onun Qütlüğ İnanclə müharibəyə çıxmasına razı deyildilər. Onlar vəliəhdi müharibəni qəbul etməkdən mən edirdilər. Vəliəhdin anası Gözəl çadırın pərdəsini qaldırıb içəri girdi və vəliəhdə acıqlanaraq dedi: – Nəyi gözləyirsən? Qütlüğ İnanc səni səsləyir. Nə üçün cavab vermirsən? Qorxaq və aciz bir oğulu mən özüm məhv edərəm. Dur geyin! Hamı səni gözləyir. Dur, cəbhəyə get, qoy bütün Şərq dünyası bilsin ki, Atabəy Məhəmmədin qəhrəmanlıq irsini bir ərəb qızının oğlu yox, bir Azərbaycan kəndlisinin oğlu daşımaqdadır. Qütlüğ meydanda at oynadır, sən də özünü göstərməlisən. Səni yaxşı tanıyıram, buna görə də sənə tapşırıq verirəm, onu öldürməyəcəksən. Çünki mən qardaş qatili olan övladı sevə bilmərəm. Vəliəhd anasının sözlərindən şadlandı, üzünü çadırdakılara tutub səsləndi: – Xidmətçilərdən başqa hamı çadırdan çıxsın! Çadır boşaldı. Pəhləvan geyinməyə başladı, o yarım saatdan sonra dəmir-polada bürünmüş bir surətdə çadırdan çıxdı, çadırın qapısında saxlanan atların içərisindən Fəxrəddinin ona bağışladığı bir ərəb atını seçdi. Vəliəhdin çadırından başlayaraq, döyüş səhnəsinə qədər olan uzun yolun hər iki tərəfində ancaq Qarabağ və Gəncə atlıları durmuşdu. Vəliəhd atın üstünə qalxdığı zaman yüzlərcə təbil, kərənay və şeypurlar səsləndi. Bu səsləri hər iki orduda eşidənlər vəliəhdin döyüş meydanına gəldiyini eşidərək maraqlandılar, hər atlı irəli keçməyə və onu görməyə tələsirdi. Qütlüğ İnanclə vəliəhdin özü də bir-birlərini görməyə tələsirdilər. Onlar həm düşmən, həm də atabir qardaş kimi görüşməkdən maraqlanırdılar. Çünki bunların hər ikisi bir-birinin qəhrəman olduğunu eşitmişdi. Şairlərin, onların igidlikləri barəsində yazdığı dastanları xatırlarkən, şübhəsiz onlar bir-birilə maraqlanmaya bilməzdilər. Orduların arasında gedən və hər iki qəhrəmana həsr edilən söhbətlər əfsanə şəkli almışdı: – Qütlüğ İnanc şir şikarına çıxmağı sevir. – Vəliəhd əlini yatmış dəvənin belinə qoysa, dəvə qalxa bilməz. – Qütlüğ İnanc bir qılınclə filin boynunu yerə salmışdır. – Vəliəhd dörd min məcməyini bir-birinin üstünə qoyub mum kimi yumşaldır. – Gümüş sikkəyə bir kərə barmağını sürtən kimi yazılarını silir. – Əlləri dəmir zənciri çəkib qıracaq qədər qüvvətlidir. Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. Bu zaman döyüş səhnəsində təzə bir mənzərə asıldı. Vaxtilə Atabəy Məhəmmədi görənlər döyüş səhnəsində iki nəfər Atabəy Məhəmmədin qarşı-qarşıya durduğunu görüb heyrətləndilər. Qütlüğ İnanclə vəliəhdin arasında olan məsafə iyirmi qədəmdən artıq deyildi. Buna görə də iki qardaş uzun dəqiqələr durub bir-birinə baxdılar. Çünki onlar doğulan gündən bu günə qədər görüşməmişdilər. Şübhəsizdir ki, onların bir-birinə baxıb düşünməsi, özlərinin birinci dəfə döyüş səhnəsində görüşdükləri üçün idi. Şərq tarixində qardaşın qardaşa zəhər verib öldürməsi, gözlərinə mil çəkdirməsi hadisələri o qədər təəccüblü hadisə deyildi, lakin iki qardaşın hərb səhnəsində qarşı-qarşıya durub müharibə etməsi birinci hadisə idi. Rəyasət eşqi ilə qardaş məhəbbəti qarşı-qarşıya durub döyüşürdü. Buna görə də pəhləvanların hər ikisi ağlayırdı. Bu qədər qorxulu bir zamanda görüşmək onlar üçün çox ağır idi. Lakin onların barışması mümkün deyildi. Hər zamanda olduğu kimi, yenə də rəyasət və üstünlüyün məhəbbəti qardaşlıq məhəbbətinə qalib gəldi. İki qardaş bir-birinə baxdığı zaman iki ana da durub oğlanlarının döyüşməsinə baxırdı. Bir tərəfdən Gözəl, o biri tərəfdə isə Qətibə uca bir təpənin üstündə durub gözlərini döyüş səhnəsinə tikmişdilər. Dörd qəlbin çırpınması şübhəsiz idi, lakin o çırpıntıların məzmunu və mündəricəsi bir deyildi. Bir qəlb şərəf, namus və ana məhəbbəti, o biri qəlb isə rəyasət, üstünlük və mələkəlik arzuları ilə çırpınırdı. Lakin təpələrin üstündə duran analar, oğullarının sakit vəziyyətdə durduqlarına çox uzun dəqiqələr baxmağı bacarmadılar. Çünki birdən-birə döyüş səhnəsini toz təbəqələri öz qanadları altına aldı. Hər iki pəhləvan dağ kimi yerindən tərpəndi. Qütlüğ İnanc atını məhmizləyib ildırım sürətilə döyüş səhnəsini dolandı və kəməndi halqalayıb qardaşına tərəf atdı. Bu halda düşmən qoşunundan: “Afərin! Əhsən! Mərhəba!” səsləri hər tərəfi bürüdü. Çünki iraqlılar Şərqdə Qütlüğün kəməndindən qurtara bilən bir baş mövcud olmadığını bilirdilər. Kəməndin halqası ilan kimi havada qıvrılaraq vəliəhdin boynuna sarılmaq istərkən vəliəhd halqanı havada tutdu və atına qışqıraraq: “Kürən at, geriyə dön!” – dedikdə kürən at dərhal geriya sıçradı, Qütlüğ İnanc isə yəhərdən çıxmamaq üçün kəməndi əlindən buraxdı. Vəliəhd dərhal kəməndi yığıb yəhərin qaşına saldı. Qütlüğ İnanc acıqlandı və qılıncını çəkib vəliəhdin üstünə ildırım kimi şığıdı. Qütlüğ İnancın atı vəliəhdə yaxınlaşmadan vəliəhd əlini atıb heybədən dəmir bir kərpic çıxardı və onu Qütlüğün sürətlə yüyürməkdə olan atının alnına vurdu. Qütlüğ İnanc atla bərabər yerə yıxıldı, o tez qalxıb özünüələ alıncaya qədər vəliəhdin kəməndi onun qollarını bədəninə sarıdı. Vəliəhd atını məhmizləyib Qütlüğü Azərbaycan ordusuna götürmək istərkən, iraqlılar Qütlüğü azad etmək üçün ümumi hücuma başladılar. Bu hücuma Fəxrəddin, Aran atlıları ilə cavab verdi. Qanlı müharibə gecənin qatı qaranlığına qədər davam etdi. Gecəyarısı Azərbaycan ordusu böyük bir qələbə ilə Qəzvin şəhərini işğal etdi. İraq və Bağdad qoşunu bütün qərargahını və ərzaq şeylərini, silah və yük mallarını buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. * * * Təzə hadisələr Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi. Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi. Sultan Məsul Hərran şəhərində faciətən vəfat etdikdən sonra, yerinə oğlu Arslan şah keçər-keçməz Suriya səfərindən əl çəkərək İraq və Azərbaycan məmləkətini hədəfə aldı. Toğrulun əlində olan məmləkətləri bölüşmək, xüsusən Azərbaycan məmləkətini Arslan şah məmləkətinə ilhaq etmək üçün xəlifə ilə Arslan şahın tədbirli vəziri Mücahiddin arasında bir müqavilə bağlandı. Bu müqaviləyə görə Arslan şah Səlahəddin Əyyubinin yerini tutan Məlik Adil ilə sülh edəcək və Arslan şahın Suriya tərəfinə hücum edən ordusunu Həmədan və Azərbaycan üzərinə göndərəcəkdi. Bu müqavilə olduqca müvəffəqiyyətli bir surətdə həyata keçdi. Arslan şah qızını Məlik Adilin oğluna verməklə aralıqda olan sərhəd ixtilafını tamamilə həll və təsviyə etdi. Şəxsən xəlifənin özü Suriya ilə Musil arasında olan ixtilafın həllində ciddi iştirak etdi. Çünki o, Bağdadın burnunun ucunda başlanmış bu ixtilafı öz nüfuzu üçün ən qorxulu bir hadisə edirdi. Toğrul məmləkəti ətrafında çevrilən bu macəra Fəxrəddini rahatsız edirdi. Həmədan yenə də ecnəbi casuslarının yuvasına çevrilmişdi. Toğrul hələlik ki, paytaxta qayıtmamışdı. O özünün bir daha paytaxta buraxılacağına inanmırdı, çünki azərbaycanlılar hökumət təbəddülatı yaratmaq və vəliəhdi hökmdar elan etmək hazırlığını aparırdılar. Bu vəziyyəti nəzərə alaraq Fəxrəddin Nizamiyə göndərdiyi məktubunda yazırdı: “Möhtərəm dostum! Biz azərbaycanlılar əldə etdiyimiz son qələbə nəticəsində, Bağdad və Rey məsələsini həll edilmiş bir məsələ kimi zənn etməliyik. Xəlifə ilə Arslan şah arasında bağlanan müqavilənin surətini əldə etdiyimdən, onu məktubla bərabər sizə göndərirəm. Xəlifə hazırda Toğrulun bir siyasət adamı kimi səhnədə davam edə bilməyəcəyini yəqin etdiyindən, Arslan şahı müqtədir bir hökmdar kimi siyasət səhnəsinə çıxarmağa çalışır. Xəlifə Həmədandan başlayaraq Şirvan və Gürcüstan hüdudlarına və oradan da İraq və Kirmana qədər uzanan böyük bir məmləkəti Arslan şahın məmləkətinə ilhaq etməyə qərar vermişdir. Bunları nəzərə alaraq mən Azərbaycan daxilində hökumət təbəddülatı yaratmağı vaxtsız hesab edirəm. Biz bu fikri bir qədər geriyə atmalıyıq, çünki Toğrulun bizim tərəfimizdən hökumət başından qovulduğu şayiələrini əlində bəhanə edənlər həddindən artıqdır. Hazırda paytaxtın padşahsız olduğu xəlifənin əlinə böyük bir bəhanə vermişdir. O, Həmədana göndərdiyi nümayəndəsi vasitəsilə bizə verdiyi sifarişdə: “Paytaxtın padşahsız olması Bağdad dairələrini düşündürməyə bilməz” – deməkdədir. Mən bunu nəzərə alaraq Toğrulun hələlik paytaxta gətirilməsini məsləhət görürəm. Lakin Şəmsəddin, paytaxtın Həmədandan Təbrizə köçürülməsini məsləhət görür. Məncə bu fikir olduqca zərərli bir fikirdir. Məncə Həmədanı itirmək, Cənubi Azərbaycanı itirməkdir. Araz çayının aralıqda hayıl olmasına baxmayaraq, Təbriz şəhərini Cənubi Azərbaycan hesab etmək olmaz, çünki, Təbriz bütün mənasilə Şimali Azərbaycandır. Odur ki, biz Həmədan şəhərini Cənubi Azərbaycanın paytaxtı kimi müdafiə etməliyik. Paytaxtı Həmədandan Təbrizə köçürmək, Həmədanı xəlifəyə bağışlamaq kimidir. Əyyubilərin Arslan şahla barışması, Musil atabəylərinin mövqelərini möhkəmlətdi. Onlar yaxın bir zamanda atlarını Maşanrud çayında suvarmaq istəyəcəklər. Musil atabəyləri Cənubi Azərbaycana girmək üçün hər bir şeyi hazır etmişlər. Onlar orada ciddi iş aparırlar. Möhtərəm şair, məsələni vəliəhdə qandırmalıdır. Toğrulu, müvəqqəti olaraq taxta qoymaq, vəliəhdin işdən gotürülüb tac-taxtdan məhrum edilməsi kimi mənə edilməməlidir. Hazırda məmləkətdə baş verən dedi-qoduları dağıtmaq üçün, Toğrulu paytaxta gətirməkdən başqa bir çarə ola bilməz. Bağdad bizim lehimizə olsa belə, yenə də onun nüfuzu və himayəsi bizi bu təhlükədən qurtara bilməz. Xəlifənin özü də hökumətləri bir-birinin əleyhinə qaldırmaqla başını saxlamaqdadır. Hazırda xəlifənin mövqeyi hökumətlər arasında ticarət malı kimi əldən-ələ satılmaqdadır. Biz öz başımızın çarəsini bir an əvvəl düşünüb, məmləkətin vəziyyətini dəyişməsək, gələcəkdə təsadüf edəcəyimiz fələkətin qarşısını almaq çətin olacaqdır. Hər şeydən əvvəl Rey məsələsini bitirməliyik. Çünki Azərbaycan məmləkətinə qarşı düzələn sui-qəsdin mərkəzi Rey məmləkətidir. Buna görə də Toğrulu paytaxta gətirəndən sonra, onu, Qətibəni Həmədana gətirməyə məcbur etməliyik. Qətibə Həmədana gələndən sonra, Rey məsələsini həll etmək üçün Toğrulun Qtibəyə evlənmək fikrinə və Qətibənin oğluna Əmirül-Üməra verilməsinə əngəl törətməməliyik, çünki hazırkı vəziyyət bunu tələb edir”. Nizami Fəxrəddinin məktubunu alandan bir gün sonra təcili qasidlə göndərdiyi cavabında deyirdi: “Məktubunuzu oxudum, Şəmsəddinin fikri ilə razılaşmıram. Paytaxtı Təbrizə köçürmək lazım deyil, çünki düşmənlərin də istədiyi budur. Yarım əsrdən bəri davam edən mübarizənin mündəricəsi də budur. Toğrulu taxta çıxarmaqla sarsılmış olan siyasi vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Çünki hazırkı hərc-mərcliyi doğuran başlıca səbəb Toğrulun iş başında olmasıdır. Məncə Toğrulun Qətibə ilə birləşməsinə arxalanmaqdansa, silahlı qüvvəyə arxalansanız, daha yaxşı olardı. Siz Toğrulu məcbur etməsəniz belə Toğrul özü Qətibəni paytaxta çağıracaqdır. Çünki Toğrul olan yerdə və Zəhir Bəlxi olan bir şəhərdə Qətibə kimi bir macəraçının olmaması mümkün deyil. Nə sənin, nə də Şəmsəddinin fikirlərinə razı deyiləm. Məmləkəti Toğrul kimi bir axmağa, Qətibə kimi bir cinayətkara etibar etmək yaramaz. Xalqın birliyini yaradın. Məmləkəti silahla və tədbirlə müdafiə edin. Azərbaycan qoşununun Həmədandan çıxması da yersizdir. Hərgah qalmaq mümkün deyilsə, o zaman hadisələrin genişlənməsinə əmin ola bilərsiniz”. * * * Toğrul paytaxta qayıdandan bir neçə həftə sonra Zəhir Bəlxi də Bağdaddan Həmədana qayıtdı. Onu Toğrulun ən yaxşı adamları Bisütunda istiqbal edib paytaxta gətirdilər. Zəhir Bəlxi yenə də birinci görüşündə ortalığa Qətibə ilə Toğrulu barışdırmaq məsələsini qoydu və dedi: – Madam ki, azərbaycanlılar Əbubəkrin hökmdarlıq məsələsi üzərində dayanmaq istəyirlər, o zaman sən də öz oğlun Məlikşahın vəliəhdliyi məsələsində güzəştə getməlisən! Qətibəyə evlən! Oğlu Qütlüğ İnancı vəliəhd elan et. Bunların əksinə hərəkət etmiş olsan, məmləkəti tamamilə itirmiş olacaqsan. Dəclə sahillərində Azərbaycan və İraq hökumətinə qarşı böyük bir təhlükə hazırlanır. Toğrul, Zəhirin təkliflərinə etiraz etməsə belə, oğlu Məlikşahın vəliəhdlikdən götürülməsinə qəlbən razı ola bilməzdi. Lakin vəziyyət onu bu işə məcbur edirdi. Çünki Rey məmləkətinin coğrafi mövqeyi və onun Azərbaycandan Həmədana gediləcək yolu daima qorxu altında saxlaması, Toğrulu həddindən artıq düşündürürdü. Odur ki, Toğrul Zəhir Bəlxinin məsləhətinə əsaslanaraq, Qətibəyə göndərdiyi dostluq və sevgi məktubunda yazırdı: “Səmimi və əzəmətli mələkə! Günlərimiz hadisə doğur. İnsanlar sakit, dinc həyatı ancaq röyada görməyə başlayırlar. Sanki insanlar bir-birini boğmaq və bir-birini qırmaq, talamaq və qarət etmək üçün doğurmuşlar. Rəiyyətimiz Allahı tanımadıqları kimi, padşahı da tanımaq istəmədilər. Məncə bu qədər müharibələr, qan tökmələr və mühacirətlərin hamısı asimani bir qəzəbin nəticələridir. Lakin xudavənd-aləm, bizi məğlubiyyətdən sonra qalib çıxardı. Azərbaycanlılar paytaxtı buraxıb getdilər. Onlar əkinçidirlər. Çöl işləri ilə məşğuldurlar. Vəliəhdin hökmdarlıq məsələsini də kölgədə buraxıb getdilər. Novruz bayramının ilahi günləri yaxınlaşır. Ekbatanın möcüzəkar fəzası ağ çiçəklərdən toxuduğu bədii örpəyini Azərbaycan mələkəsinin xoşbəxt çiyninə salmaq üçün müntəzirdir. Hadisələrin ağırlığı altında əzilən ürəyimin şadlığını ancaq böyük mələkənin novruz cəşni süfrəsində iştirak etməsində arayacağam. Mələkənin qanunu tələblərini həyata keçirmək üçün hazırkı şərait olduqca əlverişlidir. Gözəl Qətibənin mələkəlik bayramını novruz bayramı ilə birlikdə elan etmək istəyirəm. Mələkənin hüzuruna göndərilən heyətə geniş vəkalət verilmişdir. Şahzadə Qütlüğ İnancın vəliəhdlik fərmanını mələkə ilə birlikdə imza etməliyik. Toğrul”. Qətibə Toğrulun məktubunu açıb oxumadan belə onun məzmununu bilirdi, çünki Zəhir Bəlxi xüsusi qasidlər vasitəsi ilə məsələni Qətibəyə Toğruldan daha əvvəl xəbər vermişdi. Məmləkətin gələcək hüdudları belə Qətibə ilə Zəhir Bəlxi arasında təyin edilib qurtarmışdır. Sultan Əlaəddin Təkiş ilə Qətibə arasında bağlanan sazişlərə görə Rey məmləkəti tamamilə Sultan Təkişin ixtiyarına keçəcək, əvəzində isə Sultan Təkiş Qütlüğ İnancın Toğrul hökumətinin varisi olmaq qərarını təsdiq edəcəkdi. Hələ Qətibə Həmədana keçmədən əvvəl, Qətibə ilə Zəhir Bəlxi arasında başlanmış müzakirənin məzmunu məmləkətin hər tərəfinə yayılmışdı. Bu xəbərlər vəliəhdi hamıdan artıq rahatsız edirdi. Qətibənin mələkə elan olunması ilə Qütlüğ İnancın vəliəhd təsdiq edilməsi Əbubəkri çıxılmaz bir vəziyyətdə qoymuşdu. Buna görədir ki, hələ bahar daxil olmadan vəliəhd qadını gənc Təlieni də götürüb anası Gözəl ilə bərabər Azərbaycana köçmüşdü. Bahar bayramına on beş gün qalmış, Toğrul bütün ölkələrə dəvətnamələr yazıb Təbrizə nümayəndələr göndərmələrinə əmr vermişdi. Toğrul məmləkətin nümayəndələri ilə birlikdə, Qətibəni mələkə elan edəcək, eyni zamanda Qütlüğün vəliəhdlik fərmanını elan edəcəkdi. Qətibə ilə Toğrul öz dostları ilə bərabər Təbrizdə idi. Böyük bayramın hazırlığına başlanmışdı. Vəliəhd sarayı bəzənir, ölkələrdən gələn nümayəndələr vaxt ikən hazırlanmış binalarda yerləşdirilirdi. Şimali Azərbaycandan nümayəndələr gəlməmişdi. Bu hadisə Toğruldan artıq Qətibəni rahatsız edirdi. Buna görə də Qətibə Şimali Azərbaycana təcili qasid göndərilməsi və nümayəndələrin hər nə cür olursa olsun gətirilməsini tələb edirdi. Fəxrəddin Şimali Azərbaycandan nümayəndələr göndərilməsinə tərəfdar deyildi. Lakin Gəncədə çağırılmış iclas bu fikri təsdiq etmədi. Çünki Təbrizlə əlaqəsizlik Cənubi Azərbaycanla Şimali Azərbaycanın həmişəlik olaraq bir-birindən ayrılmasına səbəb ola bilərdi. Lakin Rey və Həmədandan Təbrizə bəzi qoşun dəstələrinin gətirilməsi, Şimali azərbaycanlıların çox ehtiyatla hərəkət etməsini tələb edirdi. Buna görə də iclas Təbrizə gedən nümayəndələrin kiçik atlı dəstələri tərəfindən müşayiət edilməsini qərara almışdı. Toğrul Gəncəyə göndərdiyi məktubunda Nizami ilə Fəxrəddinin Təbrizə nümayəndə sifətilə getməsini xüsusi olaraq qeyd etmişdi. Aralıqda mövcud olan şübhələri dağıtmaq üçün nə Nizami, nə də Fəxrəddin Toğrulun dəvətindən boyun qaçıra bilmədilər. Onlar bir dəstə qoşunla bərabər Təbrizə yola düşdülər. Nizami ilə Fəxrəddinin nümayəndə sifətilə Təbrizə gəlmək xəbəri Cənubi Azərbaycanda böyük və tarixi bir hadisə kimi qarşılandı. Bazar bağlandı, şəhər xalqı böyükdən kiçiyə qədər Azərbaycan qəhrəmanını və böyük şairi qarşılamaq üçün Acıçay kənarına çıxdı. Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa belə, o öz etidalını pozmayaraq, yenə də Azərbaycan nümayəndələrinin rahatı üçün hər bir vasitənin hazır edilməsinə diqqət verdi. Təbriz xalqı ziyalısından, əyanından başlayaraq yoxsullarına qədər şairin taxt-rəvanının ətrafında piyada gedirdi. Taxt-rəvanın qabağınca və taxt-rəvanın dalınca, Şimali Azərbaycan qoşunu və Fəxrəddin Nizamini müşayiət edirdi. Şairin əmrinə görə onun taxt-rəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. Xalq və qoşun dəstələri də bu əmrə itaət edib şairlər məqbərəsinə doğru axırdı. Böyük şair taxt-rəvandan düşüb birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. Azərbaycan qoşun dəstələri qəbiristanın ətrafında düzüldüyü zaman bayraqlar başını endirib şairin qəbrini salamladı, bununla da Təbriz xalqı Surxab məhəlləsinin qəbiristanında unudulub qalan adi bir qəbirdə nə qədər böyük bir zatın yatdığını bildi. Nizami məzar daşını döyərək Xaqanini səslədi, gözündən bir damcı yaş düşərək qəbir daşının dalında yandırılan səndəl üstünə düşdü. Şairin göz yaşı alovun üstünə düşdüyü zaman, qızğın və həsrətli ürəkdən qopan bir ah kimi səsləndi, sanki bununla da qürbətdə yatan şair öz səmimi dostunu salamladı və ağladı. Bundan sonra Nizami gözlərində yaş, qəbrin yanında durub Xaqaninin ölümünə həsr etdiyi uzun bir qəsidəsini oxudu. Həmi qöftəm ki Xaqani driğa kuyi mən başəd, Driğa mən şüdəm axir driğa kuyi Xaqani. Nizami Xaqaninin məqbərəsindən çıxıb buradakı alimlər, filosoflar və şairlərin qəbirlərini də ziyarət etdi və sonra da xalq dəstələrinin müşayiəti ilə nümayəndələr üçün hazırlanmış binaya tərəf yola düşdü. Axşam idi. Qətibə vəziyyət barəsində məlumat almaq üçün Hüsaməddini yanına çağırmışdı. Hüsaməddin yarım saatdan bəri dəhlizdə durub icazə gözləyirdi. Çünki Qətibəyə novruz bayramı mərasimini keçirmək üçün paltar tikən dərzi qadınlar hələlik işlərini qurtarmamışdılar. Qadınlar çıxıb gedəndən sonra Hüsaməddin də icazə alıb Qətibənin otağına girdi. O içəri girdiyi zaman Qətibə də təzə paltarları geyib güzgünün qarşısında durmuşdu. Qətibə mələkəlik tacını başına taxmışdı, tacın üstündə duran ciqqanın quş yumurtası yekəliyində olan almasları, qırx şamlı avizələrin şəfəqləri ilə yarışa başlarkən, Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının gəncliyinə qayıtdı. Qətibə isə ona tərəf irəliləyib: – İrəli gəl, mənim dostum! – dedi. – İkimiz də yorulduq. İqbal bizim ikimizi də cəzalandırdı. Lakin bizim mətanətimiz bütün çətinlikləri aradan qaldıra bildi. Hazırda biz qalibiyyət ərəfəsindəyik. Şən həyatın ilk gününü bayram etməyə hazırlaşmışıq. Mən öz əhdimə baqiyəm. Ən yaxın günlərdə əhdimə vəfa edəcəyəm. Sən də gəl, öz əhdində sabit qalacağın üçün bu dodaqlara and iç... Bu sözlərdən sonra Qətibə qollarını açıb Hüsaməddini qucaqladı, dodaqlarını onun sərəncamına verdi. Hüsaməddin adəti üzrə yenə də Qətibənin son sözünü eşitmək istəyirdi. Qətibə isə dodaqlarını Hüsaməddinin dodaqlarından dartıb aldığı zaman dedi: “Mənim sevgili sərkərdəm, dalısı sabah axşam!”. Qətibənin bu sözü Hüsaməddinin ruhunu qıdıqladı. Çünki onun qulağı daima Qətibədən: “Mənim ruhum, dalısı sonra” sözlərini eşitmişdi. Qətibə daima vüsal sözlərini müəyyən olmayan zamanlara buraxmağı sevərdi, indi isə: “Mənim sevgili sərkərdəm, dalısı sabah axşam!” – deməsi Hüsaməddinin qəlbinə təsəlli oldu. Eyni zamanda, Hüsaməddin bu yaxın vədənin kölgəsində bir xəyanətin gizləndiyini yəqin edirdi. Hüsaməddin, bu sözlə Qətibənin bütün xəyanətlərə yekun vurmaq istədiyini anlayırdı. Nəhayət, Qətibə onun əllərini əlindən buraxıb: – Otur, – dedi, – tərəddüdlər, qorxular və iztirablara yer qalmadı, onları burax, indi oturub xoşbəxtlik barəsində düşün! Çünki o, qollarını açıb bizi öz qucağına dəvət edir. İndi biz son və böyük məqsədin önündə durmuşuq. Bizdən məqsədimizi tamamlamaq üçün kiçik bir fəaliyyət tələb olunur. Biz məqsəd uğrunda çəkdiyimiz ağırlığın son və qəti saatlarını keçirməkdəyik. Sən məni yaxşı anla, son təşəbbüsü həyata keçirmək bir neçə dəqiqənin işidir. Hüsaməddin dərhal Qətibənin nə etmək istədiyini anladı və yavaşdan: – Doğrudan, son təşəbbüsün həyata keçirilməsi bir neçə dəqiqənin işidir, çünki iki bayram bir yerdə olacaqdır. Birisi novruz bayramıdır, ikinci bayram isə sizin Toğrul ilə olan toy bayramınızdır. Mollalar nikah siğəsini oxuyacaq, siz də gecənin müəyyən saatında Toğrulun otağına girəcəksiniz. Bu isə siz deyən kimi, doğrudan da, bir neçə dəqiqənin işidir, – dedi və istehzalı bir surətdə güldü. Qətibə də Hüsaməddinin bu sözlərindən qəhqəhə ilə gülərək cavab verdi: – Mən sənin sözlərini hesaba alaraq rəftar etsəydim, sən çoxdan bəri məhv olmuşdum. Mən sənin səhvlərini bağışladığım kimi, səni başqalarının hücumlarından da xilas etdim. Sən bu gün yenə də yanılırsan. Sabah Toğrul qəbirin qoynuna, sən Hüsaməddin isə mənim qoynuma girəcəksən. Bu sözlərdən Hüsaməddin sevindi, lakin həddindən artıq qorxdu. O, bu sözdən Qətibənin son cinayətinin nə qədər ağır olduğunu hiss etdi. Hüsaməddin özlüyündən uzaqlaşaraq, fikirlərin qorxulu səhnəsində çapalamağa başladı zaman, Qətibə də ona yaxın bir kürsüdə oturub deyirdi: – Qulum Mərcan bu işdən xəbərdardır. – Hansı işdən? – Toğrulun məsələsindən, sənin xoşbəxtliyini təminedici məsələdən, sən gərək bu fikirimi həyata keçirəsən. – Mən yaxşı anlamadım, Toğrulun hansı məsələsini deyirsən? – Sabah novruz günüdür, Toğrul böyük bir ziyafət təşkil edəcəkdir, burada Azərbaycan nümayəndələrindən Nizami və Fəxrəddin də iştirak edəcəkdir. Bu barədə qulum Mərcana əmr vermişəm, o sənin hər əmrini yerinə yetirməyə hazırdır. Al bu zəhəri özündə saxla, Toğrul, Nizami və Fəxrəddinin içdikləri şərbət zəhərlənməlidir. Qətibə bunları deyərək əlindəki zəhər şüşəsini Hüsaməddinə uzatdı. Hüsaməddin isə əli titrəyə-titrəyə zəhər şüşəsini aldı. Lakin onun qəlbini bu cinayətin dəhşəti əjdaha kimi sıxır və çeynəyirdi. Hüsaməddin Qətibəni başdan-ayağa qədər gözdən keçirib, bu qadının nə qədər inadlı və dəli bir qəlbə malik olduğundan heyrətlənirdi. O, öz-özünə deyirdi: “Mən böyük cinayətlərin məsuliyyətini öz öhdəmə götürdüm. Ölümlərin, uçurumların önündə durdum. Bir çox üsyanları qanlarla boğdum, minlərcə yaralının iniltilərini eşidib sarsılmadım. Məni müharibələr, qanlı cəbhələr belə qorxutmadı. Lakin bu qadının həyata keçirdiyi və bundan da sonra icarəyə qoymaq istədiyi cinayətlərin dəhşəti məni titrədir. Nə edim? Nə cavab verim? Üç hökmdarı öldürmək bəs olmadımı?! Fəxrəddin kimi bir qəhrəmanı məhv edimmi? O, mənim düşmənimdir. Lakin onu məhv etmək Azərbaycanı kor qoymaq kimidir. Nizamini zəhərləməkmi? Ah, bu nə qədər acı bir fikirdir! Dünyanın məhəbbət və səmimiyyəti yerləşən bir qəlbi zəhərlə parçalayımmı? Nə üçün? Nəyin xatirəsinə? Mənim gəncliyimi quru-quru vədələrin məzarına dəfn edən bir qadın üçünmü?” Hüsaməddin bunları fikirləşdiyi zaman Qətibə də oturub döşündən asdığı iri inci danələri ilə oynayıb Hüsaməddinin cavabını gözləyirdi. Qətibə Hüsaməddinin qəlbində hökm sürən dəhşət və həyəcanı onun çöhrəsindən oxuyaraq ona sual verdi: – Qətibəyə olan eşq və məhəbbətin söndümü? Səadət uğrunda apardığın mübarizə səni iyrəndirdimi? Bitirdiyin vəzifəni tamamlamaq üçün özündə qüvvət hiss etmirsənmi? Qəhrəman bilməlidir ki, iş başlamaq çox çətin deyil, onu müvəffəqiyyətlə qurtarmaq çətindir. Düşmənlə mübarizə etməmək qorxaqlıq deyil, lakin mübarizəni başlayıb yarımçıq qoymaq qorxaqlıqdır. Hətta qəhrəmanlığa nöqsan gətirəcək xüsusiyyətlərdən birisi də, mübarizə yoldaşını meydanda yalnız buraxıb çəkilməkdir. Bunların hamısından sonra sən bir məsələni də unutmamalısan! Sənin boynunda iki hökmdarın qətli kimi böyük bir məsuliyyət vardır. Hərgah sən bu cinayətlərdə mənə kömək etməsəydin, bəlkə də mən bir qadın olaraq, bu qədər böyük məsuliyyətin altına girməkdən qorxardım. Mən bu cinayətləri həyata keçirdiyim zaman heç də qorxmurdum. Çünki bu cinayətləri həmişəlik bir səadətin müjdəsilə həyata keçirirdim. Mən istəyirdim Azərbaycanda qəhrəmanlıq möhrü Fəxrəddinin adına yox, sənin adına vurulsun. Mən səni bir qəhrəman kimi deyil, bir mələkənin möhtərəm əri kimi dünyaya tanıtdırmaq istəyirdim. Mən istəyirdim ki, minlərcə fəxrəddinlər sənin qarşında diz çökub əmrini gözləsinlər, əcəba sən nəyi düşünürsən?! Hüsaməddin bu sözlərə çox böyük əhəmiyyət verirdi. Çünki Qətibə onu acı təhdid qarşısında qoyur, həm də şirin vədlərlə yüksəklərə qaldırırdı. Buna görə də qəlbini əhatə edən dəhşətlər qismən azalırdı, onun nəzərində Qətibənin verdiyi hər bir vədə gözəl və nəşəli tablolar kimi canlanırdı. Doğrudan da Hüsaməddin bir neçə gündən sonra həyatın tamamilə dəyişəcəyini zənn edirdi. Bu fikirlərin təsirində də Hüsaməddin cavab verdi: – Məni heç bir təhlükə qorxuda bilməz, məni qorxudan bir məsələ varsa, o da səni Toğrul kimi bir alçağın qolları arasında görməkdən ibarətdir. Mən o dodaqları bir keflinin dişləri arasında görə bilməyəcəyəm, o, mənim şərəf və vicdanım üçün bir cəhənnəm əzabıdır. Buna inan, mələkə! Mən Şərqin ən qiymətli bir gülünü qoxulamaq üçün, Şərqin iki böyük hökmdarını həyat səhnəsindən qopartdım. Lakin indi... Qətibə onun sözünü yarıda kəsərək: – İki böyük hökmdarı məhv edən bir adam, üçüncüsünü də məhv edə bilər, – dedikdə Hüsaməddin də: – Bəli, məhv edə bilərəm. – dedi. Qətibə bir daha onun dodaqlarından öpərək: – Toğrulu öz səadətin xatirəsinə məhv edəcək, Nizami ilə Fəxrəddini isə mənim xatirimə öldürəcəksən. * * * Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxanə novruz bayramı mərasiminin başlandığını xəbər verdi. Səhərin ruzigarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir və həməl bürcündə isə günəşin qırmızı ələmini qaldırırdılar. Şadlığın gəlini saçlarını daramaqda, bülbül isə güllərin minbərində oturub bahar büsatının şənliyinə həsr etdiyi bəstələrini oxuyurdu. Bahar yeli bağa girən kimi, şaxələrin ağ ipəyə bürünmüş gəlinləri ilə öpüşür və onları təbrik edirdi. Çəmənin qızları Süleymani büsatın üzərində rəqs etmək üçün büdqeys gülünün dalınca elçi göndərirdi. Baharın ilk sultanı qızıl taxtının üzərinə cülus etdiyi zaman, bənövşələr təzim rəsmini yerinə yetirmək üçün boyunlarını çiyinlərinə qoyub durmuşdu. Süsən gülü ağzını açaraq bahar sultanına yazdığı şeirlərini oxumağa başladı. Sünbüllər isə səhər ruzigarının tərənnümləri altında saçlarını dalına tökub rəqs etməyə həvəslənirdi. Serv ağacı yaz paltarını geydiyi və əlini əlinin üstündə qoyub bahar sultanının qarşısında qamətini çəkib durduğu zaman, qönçələr də gülüstan məclisinin saqiləri kimi piyalələri doldurmağa, yasəmənlər isə saçlarını üzünə töküb sərxoşluğa başlayırdı. Lalələrin ağzından “İçin! Nuş olsun!” səsləri eşidildiyi zaman, nərgiz gülü də özündə dərin bir xumarlıq hiss edərək başını süsənbərinin çiyninə söykəmişdi. Novruz bayramı mərasiminin başlanması üçün aralıqda su ilə dolu olan qızıl teştə salınan balıq hələ arxası üstünə çönməmişdi. Zəfəran üzərinə oxunacaq və sonra qızıl teştin suyuna qarışdırılacaq qırx yasin oxunub qurtarmamışdı. Baş ruhani zəfəran suyu ilə yazdığı bərəkət duasını yazıb bitirməmişdi. Nəhayət, “balıq arxası üstünə çöndü”, qırx yasin oxunub qurtardı, bərəkət duası zəfəran suyu ilə yazılıb bitdi, təcili surətdə kərənayxanaya xəbər verildi. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi. Salamlıq rəsmi başlandı. Şəhərin əyan və nücəbası, sərkərdələr və yüksək vəzifədə olanlar dəstə-dəstə hökumət dairəsinə gəlib Sultan Toğrulu salamladılar, sonra da padşahın vəkil etdiyi müəyyən adamlar və müəyyən siyahı üzrə seçilmiş adamlar novruz ziyafətini keçirmək üçün salona dəvət olundu. Salona daxil olanlar bir-birinin əlini sıxıb, sonra da öz barmaqlarını alnına və dodaqlarına qoyaraq: “Əyyamüküm Səidə!” – deyərək özlərinə məxsus yerlərdə oturdular. Sultan Toğrulun sağ tərəfində Qütlüğ İnanc, sol tərəfində isə Zəhir Bəlxi oturmuşdu. Toğrulun işarəsilə Həmədan qazısı ayağa qalxıb Sultan Toğrulun Qətibə ilə izdivac edəcəyini elan etdi: “Məmləkət və dövlətin rifah və səadəti ay ilə günəşin birləşməsini tələb edirdi. Odur ki, bu gün əlahəzrət Sultan Toğrul ilə əlahəzrət Qətibə xatunun izdivac bayramını elan edirəm” – deyərək məclisə müraciət etdi. Qətibə tərəfindən vəkil edilən Zəhir Bəlxi və Kəmaləddin mələkənin bu izdivaca razılıq verdiyini bildirəndən sonra, qazı nikah siğəsini oxudu. Bütün salondakı xalq ayağa qalxıb Sultan Toğrula baş endirib təbrik etdilər. Ən əsas məsələ Qütlüğ İnancın vəliəhd elan ediləcəyi məsələ idi. Lakin Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. Nəhayət, Azərbaycan nümayəndələri başda Nizami olaraq gəldi. Onlar özlərinə məxsus kürsülərdə oturandan sonra, Zəhir Bəlxi ayağa durub Toğrulun Qütlüğü vəliəhd elan etməsinə dair fərmanı oxudu: “Zəvalpəzir olmayan əziz və uca Allah adəm sinfinin palçığını səlsal suyunda yoğurdu və onun vücudunun ayinəsini ruhun təcəlliyayi ilə bəzəyib həyat dünyasına bir peyğəmbər kimi atdığı zaman, ona belə bir fərman verdi: sən öz vəliəhdini tanımalısan. Onu özündən sonra gələnlər üçün vəsi təyin etməlisən. Onlara heç bir xəyanət və cinayətlə məşğul olmağı tapşırmalısan. Onlara göydən gələn asimani kitabları və yezdani hökmləri Allahın bəndələrinin arasına yaymaq əmrini verməlisən. Buna görə də Adəm peyğəmbər: Şeys İdrisi, İdris Musanı, Musa Yuşəi, Yuşə İlyası, İlyas Əlyəsə peyğəmbəri özünə vəliəhd təyin elədilər. Həmin bu qayda ilə də peyğəmbərlik vəzifəsi axırıncı peyğəmbərin əlinə yetişdi və o da Adəm peyğəmbər kimi özünə vəliəhd təyin etdi. Bundan sonra da Allahın əmrini insanlar arasında intişar etmək vəzifəsi xəlifələrə və xəlifələrdən sonra hökmdarlara, sultanlara tapşırıldı. Padşahlar vəliəhdliyə layiq olanları öz övladı və qohumları arasından seçməyə başladılar. Hazırda bu vəzifə uca olan və iqtidarlı sultanımız əlahəzrət Toğrulun əlinə çatıbdır. Buna görə də tacdar həzrətləri, Allahın bəndələrini sülh və salamətə dəvət etmək və məmləkətə səadət vermək üçün Eldəniz xanədanının ən şüurlu və fəaliyyətlisi olan bir zatı vəliəhdliyə təyin etmək qərarına gəlmişdir. O zat, sizin hüzurunuzda oturan Qütlüğ İnanc həzrətləridir. Cahan pəhləvan Atabəy Məhəmmədin böyük oğlu sayılan bu zat cahandarlıq və sultanlıq qabiliyyətinə malik olduğunu bir neçə ildən bəri göstərdiyi xidmətlərində aləmə tanıtmışdır”. Zəhir Bəlxinin oxuduğu vəliəhdlik fərmanına qarşı heç bir tərəfdən etiraz eşidilmədi, çünki nümayəndələrdən bir çoxu, hətta Azərbaycan nümayəndələri belə məsələni əvvəldən bilirdilər. Qütlüğ İnanc ayağa qalxıb Sultan Toğrulun taxtının qarşısında yeri öpdü, Toğrul isə onun çiyninə zəngin bir xələt salınmasına əmr verdi. Rəsmi məsələlər bitəndən sonra məclisə şərbət gətirildi. Saqilər içəri girib şərbət piyalələrini paylamağa başladığı zaman Hüsaməddin bir dəqiqə sonra baş verəcək facia haqqında düşünürdü. O, son dəqiqələr bir daha xəyalını gələcəyə çevirib deyirdi: “Tutalım ki, Toğrul öldü, Azərbaycan nümayəndələri də Nizami başda olmaq üzrə zəhərləndi, bununla mən nə qazanmış olacağam? Heç bir zaman o hiyləgər qadın mənim olmayacaqdır. Mənim olsa belə onun dəyəri nədir?! Bir zaman o gənc idi, onu sevirdim, lakin o məni sevmirdi, halbuki onun atası mənə söz vermişdi. O, zəngin və şöhrətli bir ər tapdı, lakin mən ondan intiqam almaq əvəzinə, başqalarından intiqam almaq üçün ona kömək verdim. Otuz ildir ki, mən özüm-özümü aldadıram. Hər gün bu Qətibə dünənki Qətibədir – deyərək nazını çəkirəm. Artıq o, əlli yaşına çatmışdır. Mən ondan səadət gözləməməliyəm. Çünki bu səadət onun özündə də yoxdur. Onun başladığı mübarizə bununla bitməyəcəkdir. Hazırda bir neçəsinin meyitini aralıqda görməkdənsə, bir nəfərin meyitini görmək daha yaxşıdır. Bəlkə də mənim burada oturan Fəxrəddini və böyük şair Nizamini ölümdən qurtarmağım günahlarımı azaldar, bəlkə də azərbaycanlılar mənim günahlarımdan keçərlər. Bəlkə də mən bu qədər cinayətdən sonra Azərbaycanda bir daha vətəndaşlıq hüququ qazana bilərəm”. Hüsaməddin bunları düşündüyü zaman saqilər şərbət piyalələrini paylayırdılar. Əvvəlcə piyaləni Toğrula, sonra vəliəhdə, bundan sonra Zəhir Bəlxiyə və sairələrə verdilər. Nizami ilə Fəxrəddin piyaləni əlində saxlayıb Toğrulun içməsini gözləyirdilər. Hüsaməddin bu vəziyyəti görüncə cinayət onun gözündə bir daha bütün dəhşətilə canlandı. O, dəli kimi yerindən qalxdı və qeyri-adi bir halda qışqıraraq dedi: “Azərbaycanlılar! Vətəndaşlar! Əlinizdəki piyalələri içməyin, o ölüm şərbətidir! Əziz vətəndaşlar! Şərbəti hər yerdə tapmaq mümkündür. Lakin həyat və namusu hər yerdə və hər kəsdə aramaq mümkün deyil. Burada məni tanımayan yoxdur. Lakin təəssüf olsun ki, məni yaxşı tərəfdən tanıyan çox azdır. Çünki mən öz yolumu azmışdım. Mən Fəxrəddinlə bir cərgədə Azərbaycanın azadlığı uğrunda az qılınc vurmamışam. Fəxrəddin bilir ki, mən bütün mübarizələrdə qabaq cərgədə olmuşam. Bir zaman istər Nizamilər, istər Fəxrəddinlər məni bir fədakar kimi tanıyırdılar. Lakin mən Azərbaycanın bədbəxtliyi uğrunda da az çalışmamışam. Mən bir vətən xaini kimi düşmən ordularının qabaq cərgəsində gedib, öz silah yoldaşımın üzünə qılınc çəkmişəm. Lakin mən öz xəyanətlərimə xəyanətlə yox, tövbə və peşmanlıqla nəhayət vermək istərəm. Bugünkü xəyanət bir nəfərin əleyhinə yox, böyük bir xalqın əleyhinə təşkil olunmuşdur. Lakin Fəxrəddin bu çıxışla məni yaltaq hesab etməsin, mən onunla düşmənəm, yeri gəlsə, yenə də qılıncla öz ixtilaflı məsələmizi həll edərik. Lakin bir silah sənətkarı kimi Fəxrəddin kimi bir qəhrəmanın bir piyalə şərbətilə məhv edilməsinə soyuqqanlılıqla baxa bilmərəm. Böyük şairin və əlahəzrət Toğrulun əlində olan piyalə də zəhərlənmişdir. Mən rica edərdim ki, vəliəhdin əlindəki piyaləni hökmdar və hökmdarın əlindəki piyaləni isə vəliəhd həzrətləri nuş etsin”. Ziyafət salonunda həyəcan başlandı. Qütlüğ İnanc əlindəki piyaləni yerə çırpdı və qalxıb qılıncını qılafından çıxartdı, Hüsaməddinə hücum etdi. Hüsaməddin də onu qılıncla qarşıladı. Fəxrəddin dərhal qılıncı çəkib aralığa girdi və: – Sakit olun! Qılınc hər kəsin belində vardır. Qılınc işlətməkdən əvvəl məsələni həll etməliyik, – dedi. Qütlüğ İnanc və Hüsaməddin sakit oldu, çünki onların ikisi də Fəxrəddini lazımınca tanıyırdılar. Toğrul əlində piyalə ayağa qalxdı: – Mən heç kəsə silah işlətmək ixtiyarını verməmişəm. Ziyafəti təhqiq etmək lazımdır. Hüsaməddinin dedikləri doğru olursa, mən onun bütün günahlarını bağışlayacağam, dedikləri doğru çıxmazsa, onu burada edam etdirəcəyəm. Toğrul bunu deyəndən sonra Hüsaməddinə tərəf dönüb əmr verdi: – Sözünü davam etdir! Lakin doğru danış! Hüsaməddin çox cəsarətlə danışdı: – Doğru danışıram, edam olunmaqdan da qorxum yoxdur. Mən hər cür cəzaya layiqəm. Həqiqəti bilmək üçün Qətibə xatunun qara qulu Mərcanı bura çağırın. Mərcanı çağırdılar. O, içəri girən kimi məsələni anladı və qorxusundan titrəməyə başladı. Toğrul ona sual verdi: – Bu şərbətləri kim düzəltmişdir? – Mən düzəltmişəm. – Bu piyaləni içə bilərsənmi? – Hökmdar əmr edərsə ölməyə hazıram. – Zəhəri piyalələrə kim qarışdırmışdır? – Mələkə həzrətləri Hüsaməddin həzrətlərinin itaətində olmağımı tapşırmışdı. – Hansı piyalələr zəhərlidir? – Üstündə bülbül şəkli olan piyalələr hamısı zəhərlidir. Mərcanın bu sözündən sonra məclisdəkilər piyalələri yoxladılar, bülbül şəkli olan piyalələrin tamamilə Toğrulun və Azərbaycan nümayəndələrinin əlində olduğu meydana çıxdı. Toğrul Hüsaməddinə sual verdi: – Bu cinayəti təşkil edən kimdir?! – Mələkədir, onun oğlu Qültüğ İnanc və sizin sol tərəfinizdə oturan Zəhir Bəlxi cənablarıdır. Toğrul qulamları çağırıb əmr verdi: – Mələkəni bura çağırın, qoy onun özü də bu möhtəşəm ziyafətdə iştirak etsin. Zəhir Bəlxi məsələni pərdələmək və Qətibə ilə görüşüb ifşanın qarşısını almaq üçün qalxıb Toğrula baş endirib dedi: – Hökmdar həzrətləri! Bu cinayəti azərbaycanlılar düzəltmişdir. Onlar hökmdarın dostlarını töhmətləndirməklə öz xain məqsədlərinə nail olmaq istəyirlər. Təhqiqat aparmaq lazımdır. Mən bu saatda mələkə həzrətlərinin hüzuruna gedib bu xəyanətdən onu xəbərdar edərəm. Hüsaməddin isə heç şübhə yoxdur ki, azərbaycanlılara satılıbdır. Bu sözdən sonra Qütlüğ İnanc acıqla danışdı: – Mən indi bildim ki, hökmdar məni təhqir etmək və həbsə aldırmaq üçün Azərbaycana çağırıbdır, – dedikdə Toğrul da cavabında: – Etidalını pozma. Mən səni təhqir etmək və həbsə aldırmaq istəsəydim bura dəvət etmədən də səni məhv edə bilərdim, – deyərək sonra da Zəhir Bəlxiyə müraciətlə: – Oturun! Mələkənin yanına getmək lazım deyil, bir azdan sonra mələkənin özü bura gələcəkdir, – dedi. Qətibə xatun bir dəstə kəniz və cariyələrlə ziyafət salonuna daxil oldu. Toğrul ayağa qalxaraq onu salonun ortasında qarşılayıb əlindəki piyaləni ona tərəf uzadaraq dedi: – Al bu piyaləni, mənim möhtəşəm mələkəm! Al da bir saat əvvəl başlanan xoşbəxtliyimizin şərəfinə iç! Qətibə piyaləni aldı və məclisi gözdən keçirərək danışdı: – Hərgah mənimlə bərabər bir çox cinayətlərdə iştirak edən Hüsaməddin qorxaq çıxdı isə, hərgah o, son vəzifəsini bitirməkdə özünü aciz hiss etdisə, bu hələ mənim acizliyimi göstərmir. Qətibə bunları danışandan sonra şəxsən Toğrula tərəf baxıb sözünə davam etdi: – Səni məhv edə bilmədiyim məni o qədər də düşündürmür. Çünki sənin acizliyin, sənin dəyərsizliyin bu gün də olmasa, sabah səni uçurumlara sürükləyəcəkdir. Lakin mənim təəssüfümə səbəb olan məsələ başqa məsələdir. Mən istəyirdim ki, hazırda bu məclisdə iştirak edən Nizamini məhv edib, qəbrinin üstündə oturub həyatım boyu göz yaşı tökküm, lakin bu mənə mümkün olmadı. Təəssüf olsun ki, əksinə olaraq o mənim meyitimi öz qarşısında görməli oldu. Fəxrəddin isə mənim atamın qatili idi. Mən bu intiqamı da ondan ala bilmədim. Lakin bunu da demək istəyirəm ki, oğlum təqsirli deyil. Onu da bu xəyanətlərdə iştirak etdirən mən özüm idim. Qətibə bu sözləri deyərək zəhərli şərbəti içdi və piyaləni Toğrulun tacına çırpıb son sözünü dedi: – Sən bu tacı başında saxlaya bilməyəcəksən! * * * Həmdünyan Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi. Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi. Toğrulun bu hərəkəti Şirvan və Gürcüstan dövlətlərinin də rahatsızlığına səbəb olmuşdu. Onlar da hər bir ehtimala qarşı sərhədlərdə hazırlığa başlamışdılar. Bunları nəzərə alaraq aranlılar Gəncədən bir heyət göndərmək və vəziyyəti Toğrula anlatmaq qərarını çıxartdılar. Bir neçə gün əvvəl Toğrulun Təbrizdən Gəncə hakiminə göndərdiyi məktubunda: “Bir neçə gün Püsəran kəndində qardaşım Məhəmmədin ailəsinə qonaq olacağam” – sözləri yazılmışdı. Buna görə də Gəncədən göndərilən heyət birbaş Püsəran kəndinə yola düşdü. Heyət Fəxrəddinlə Nizami başda olmaq üzrə on iki nəfərdən ibarət idi. Toğrulun dəstələri hələ gəlib çıxmamışdı. Heyət üzvləri Toğrulun bu təxirindən şadlandı, çünki Toğrul gəlincəyə qədər vəliəhd ilə bəzi məsələləri həll etmək lazım idi. Evdə Gözəlin qoca atası Canpoladdan və onun qoca qadınından başqa heç kəsi görmədilər. Nizami və heyətin başqa üzvləri bundan heyrətə düşdülər. Lakin Fəxrəddin Püsəran kəndi xalqının adəti ilə tanış olduğundan izahat verib: – Bu kəndin adəti belədir. Bütün iş bacaranlar səhər yeməyini yeyəndən sonra işə çıxmalıdır. Nizami qadına sual verdi: – Vəliəhd və şahzadə Özbək haradadır? Qoca qadın gülümsəyərək cavab verdi: – Vəliəhd və şahzadə sözü bu kənddə işlənmir, burada hər kəs kəndlidir, hər kəs də bu torpaqda çalışmalıdır. Nəvələrimin hər ikisi Özbək də, Əbubəkr də çalışan və yorulmayan kəndlilərdirlər. – Bəs Təliə xanım haradadır? – Təliə də, onun qayınanası Gözəl də işdədirlər. – Demək ki, evin bütün ağırlığı sizin üzərinizdədir? – Xeyr, bizim üzərimizdə heç bir ağırlıq yoxdur, altmış yaşına çatan kəndlinin istirahətdən başqa bir məşğuliyyəti ola bilməz. Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə bir dərzixanada tikilir. Hər kəs və hamı bir fikirdə, bir işdə, bir qiyafədə, bir paltardadır. Qadının söhbətləri Nizamini heyrətə saldı. O, Azərbaycanda belə bir şən həyata təsadüf etdiyindən qəlbən sevinirdi. O, xalqların həyatına hamıdan artıq tanış olduğuna baxmayaraq, Püsəran kəndində təsadüf etdiyi həyatı heç bir xalqın tarixində oxumamışdı. Canpolad Nizaminin fikrə getdiyini görüb sükutu pozdu: – Bizim həyatımız beladir, böyük şair! – deyə təəssüfedici bir vəziyyətlə sözünə davam etdi. – Lakin bu həyatı davam etdirməyə qoymurlar. Hökumət kəndimizin məişət və iş şəraiti qanunlarını pozur. Çünki hökumət üçün xalqın dincliyi və birliyi əlverişli deyil. Hökumət rəiyyətin nadincini sevir, çünki onlar cəriməni ancaq nadinc adamlardan ala bilərlər. Bizim kəndə isə nadinclik yoxdur. Adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. Çünki mal da, torpaq da, evlər də, evlərdəki şeylər də ortaq malıdır. Hökumət bizim məişətimizi pozmaq üçün bizə ağır vergi qoyur. Vergini veririk, sözümüz yoxdur, çünki biz torpaqdan istədiyimiz qədər məhsul ala bilərik. İçimizdə tənbəllər yoxdur, hər kəs özünə tapşırılan vəzifəni yerinə yetirə bilir. Biz vergini də verə bilərik. Gəlirimiz öz ehtiyacımıza çatır. Lakin hökumət bizim ehtiyacımızla hesablaşmır. Gəlirin çox miqdarını bizdən cürbəcür bəhanələr ilə alır, xalqımızın ehtiyacına sərf olunacaq gəlirə də toxunur. Neçə ildir ki, bir sürü tənbəli yaşatmaq məcburiyyətindəyik. Şəriət məhkəməsinin üzvləri, vergi yığan məmurlar və sairləri bu xalqın zəhməti hesabına yaşayırlar. Halbuki biz haman vergini aparıb hökumətin göstərdiyi yerdə təhvil verə bilərik. Şəriət məhkəməsinin qapısını açan yoxdur. Çünki bizim xalqımızın buna ehtiyacı yoxdur. Məhkəmələrin qapısını açmaq və məhkəmə işçilərinə iş tapmaq üçün xalqımızın əxlaqını pozmaq istəyirlər. Bu tarixi bir cinayətdir. Mən sizin əsərlərinizi nəvələrimdən eşidirəm, onlar oxuyurlar, mən də qulaq asıram. Köhnə tarixlər ilə və tarixi adamlar ilə tanış oluram. Əsərləriniz olduqca qiymətlidir, biz orada keçmişi görə bilirik, lakin orada gələcəyin yolunu göstərmək işinə çox az diqqət verirsiniz. Rica edirəm siz burada bir neçə gün qalın, bizim həyatımızla yaxından tanış olun, sonra da bizim həyatımızı Azərbaycan xalqı arasında təbliğ edin. Bilmirəm, böyük şair bizim rəhbərimiz Əxi Fərrux ilə tanış ola bilmişdirmi? Nizami Əxi Fərruxun adını eşidərkən ayağa qalxıb yenə də oturdu və Canpoladın sualına cavab verdi: – Mən onunla da, o möhtərəm zatın böyük fikirləri ilə də tanışam. – Bəs nə üçün kəndlilərin və kəsbkar sahiblərinin qardaşlaşması uğrunda yazmırsınız?! Siz bilirsiniz ki, tökülən qanları dayandırmaq üçün xalqı qardaşlaşdırmaq və birləşdirməkdən başqa bir çarə yoxdur. Siz bilirsiniz ki, insanları xoşbəxt yaşatmaq üçün onları vahid bir ailə şəklinə salmaq lazımdır. Nizami dərin bir ah çəkdi və bir az fikirləşəndən sonra dedi: – Belə bir sərbəst və xoşbəxt həyatı sevməyən və xalqın qardaşlıq ittifaqı arzusunda olmayan bir adam, şair ola bilməz! Mən bu əqidəni ən birinci sevənlərdənəm. Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. Lakin mənim fikirlərim yenə də o əqidənin ətrafında coşur, mən yenə də yazacağam, bəlkə də bir gün o əsərləri oxuyan tapıldı. Söhbət burada yarımçıq qaldı, çünki nahar vaxtı olduğundan kənd xalqı işdən qayıdırdı. Qızların və oğlanların nəğmələri eşidildiyi zaman evdə oturan qocalar dışarı çıxdılar. Çöldən isə nəğmə səsləri eşidilirdi: Çayır quşlarını səsi gələndə, Sövdalı bülbüllər girəndə kəndə, Buludlar gülzara ətir səpəndə, Çıxar gül seyrinə səfalı qızlar. Mehli gecələrdə, sərin səhərdə, Güllər yanağından atanda pərdə, Bülbüllərin qəlbi gələndə dərdə, Gül seyrinə çıxar səfalı qızlar. Bağlar bürünəndə al-yaşıl örpək, Meşələr geyəndə çiçəkdən köynək, Çayda çimən zaman yaşılbaş ördək, Gül seyrinə çıxar səfalı qızlar. Bir neçə dəqiqə keçəndən sonra vəliəhd, qardaşı Özbək və anaları Gözəl ilə bərabər içəri girdilər. Gözəl şairə təzim etdikdən sonra qardaşı Fəxrəddini öpdü. Vəliəhd ilə Özbək isə Nizaminin əlini öpüb ayaq üstündə durdular. Qoca Canpolad oturmalarına icazə verəndən sonra hamıdan aşağıda oturdular. Bir az keçəndən sonra Təliə otağa girib salam verdi və əlində gətirdiyi yemək süfrəsini yerə sərdi. Yenə də Canpolad sözünü davam etdirib dedi: – Möhtərəm şair, bu saat min evdən ibarət olan Püsəran kəndinin hansı bir evinə girərsə, həmin bu rəngdə bir süfrənin aralığa salındığını görə bilər. Beş mindən ibarət olan bu ailə eyni bir saat və eyni bir anda əlini süfrəyə uzadır, – dedi. Təliə süfrəni yerə açıb qayıtdı, bir azdan sonra onunla bərabər ağ ipəklərə bürünmüş bir dəstə qız içəri girib əlvan xörəkləri, ətirli və sərin şərbətləri süfrəyə düzdülər. Xörəklər yerə qoyulandan sonra Canpolad sözünü davam etdirdi: – Hər şey birdir, ayrılıq yoxdur. Bir fərq varsa, o da xörəklərin növündədir, – dedikdə Nizami soruşdu: – Əcəba, hər kəs üçün verilən xörəyin növü başqalarına verilən xörəklərdən fərqlidirmi? – Hər ailə nə kimi xörək yemək istəyirsə, axşamdan öz küçəsindəki ümumi mətbəxə xəbər verir. Ona görə də yemək hazırlayırlar. Xəyanət əli toxunmayan nemətimiz aşıb-daşır, özümüzə də, gələn qonaqlarımıza da kifayət edir. Bu kənd salınanından bu günə qədər oğurluq hadisəsi görünməyibdir. Çünki xalqın artıq şeyə ehtiyacı yoxdur. Lakin bu həyatın düşmənləri həddindən artıqdır. Bu həyatın genişlənməsinə imkan vermək istəmirlər. Çünki bu həyatın içərisində tərbiyə tapmış xalqı istismar etmək çox çətindir. Nahar yeməyindən sonra əsas söhbətə başladılar. Nizami heyətin nə məqsədlə gəldiyi barəsində danışıb dedi: – Toğrulun Gəncə səyahətinin kölgəsində başqa bir xəyanət gizlənmişdir. Onun burada düşüb qonaq olmaq fikri bir xəyanətin məhsuludur. Buna görə də Toğrul öz ordusu ilə bura gəlməmişdən əvvəl, vəliəhd öz qardaşı və öz qadını Təliə ilə bərabər Gəncəyə köçməlidir. Toğrul belə bir xain fikri daşısa belə, onu Gəncədə həyata keçirə bilməz. Çünki Gəncə xalqının hamısı vəliəhdin tərəfdarıdır. Nizaminin bu fikrini Fəxrəddin də təsdiq etdi. Vəliəhdin anası Gözəl də bu məsləhətlə razılaşdı. Hətta qoca Canpolad da bu barədə təşəkkür etdi. Canpoladın əmrinə görə dərhal kəndin üç nəfər ağsaqqalı çağırıldı, vəliəhdin qardaşı və ailəsilə bərabər Gəncəyə getməsi üçün onların icazəsi alındı. * * * Vəliəhd və Təliə köçüb Gəncəyə gedəndən bir gün sonra Toğrulun Püsəran kəndinə yaxınlaşdığı xəbər verildi. Bu xəbər kəndə nahar yeməyindən sonra gəlib çıxdı. Kəndin xalqı işdən qayıtdığı üçün hamı kənddə idi. Fəxrəddin və Nizami Toğrulu istiqbal üçün yox, onu istiqbal edən xalqa tamaşa etmək üçün evdən çıxıb, Püsəran kəndinin altında kiçik düzə endilər. Qabaq cərgədə üç nəfər ağsaqqal durmuşdu. Bunların yanında hamısı bir libas və bir qiyafə daşımaqda olan yaşlı kişilər səf çəkib dayanmışdı. Yolun o biri tərəfində yaşlı qadınlar və bunların dalınca gəlinlər, qızlar gənclərlə birlikdə dayanmışdılar. Gənc qız, gənc oğlanlar ağ, yaşlılar isə mavi rəng libaslar geyinmişdi. Nizami bu vəziyyəti gördüyü zaman Fəxrəddinə tərəf dönüb yavaşdan dedi: – Dünyanı bu kəndin daşıdığı qanunla yaşatmaq mümkün olsaydı, sənin qılıncına ehtiyac qalmazdı. Biz ata-babaların “Qurd qoyunla bir yuvada yaşayacaq” dediklərinə əbəs yerə gülürdük. İndi bu xalqa baxdığım zaman haman fikirlərin düzgün olduğunu yəqin edirəm. Qanun və tərbiyənin nəticəsində qurdun qoyunla bərabər yaşaması mümkündür. Yaxşı bax, burada gördüyümüz beş min nəfərdən ibarət olan bir kənd, bir libas, bir qanun, bir həyat və bir fikir daşıdığı halda, bunu bütün xalqın, bütün məmləkətin həyatında tətbiq etmək olmazdımı? Mən yenə də böyük ustadımız Firdovsini tənqid edəcəyəm. Bax bu xalqa, bax bu qardaşlaşmış kütləyə! Bütün bunlar bir tərbiyənin məhsulu deyilmi? Qurd doğulduğu zaman qurdluq xasiyyəti ilə yox, yalnız qurdluq şəkli ilə doğulur. Mən əminəm ki, tərbiyə nəticəsində qurdlara qoyunların döşündən süd əmizdirmək mümkündür. Tovus quşunun tərbiyəsi və onun vücudunun istiliyi ilə yumurtadan çıxan qarğanın cücəsi şəkilcə qarğa olsa belə, ədəb və tərbiyə cəhətcə tovus quşunun yolunu təqib edər. Firdovsi deyir ki, bir fahişənin qızını nəcib ailədə tərbiyə etsən də, o, yenə böyüdüyü zaman anasının getdiyi yolu gedəcəkdir. Bu fikrin düzgün olmadığını imtahandan çıxarmaq üçün onu əksinə tətbiq etmək lazımdır. Məsələn, ən nəcib ailədən doğulan bir qızı ayırıb bir fahişənin tərbiyəsinə versən heç şübhə yoxdur ki, o böyüdüyü zaman doğulduğu nəcib ailənin getdiyi yolu deyil, tərbiyə aldığı qadının yolunu davam etdirəcəkdir. Bəşəriyyəti idarə edən ancaq tərbiyədir. Bəlamız burasındadır ki, hökumət qanunları tərtib olunduğu zaman, xalqın tərbiyə və səadəti nəzərə alınmamışdır. Bu qanunlar yalnız bir miqdar idarəedici xalqın səadətini düşünərək tərtib olunmuşdur. Sən bu xalqa diqqət ver, bunların hazırkı həyatını başqa bir kəndin xalqı üçün də qurmaq mümkündür. Lakin qoymazlar. Bu həyat və bu quruluş idarəedici adamlar üçün əlverişli deyildir. Söhbət burada bitdi. Toğrulun taxt-rəvanının qarşısında gətirilən tuğ göründüyü zaman, Nizami və Fəxrəddin kəndə qayıtdılar. Toğrul Canpoladın evində mənzil etdi. Atabəy Məhəmmədin qadını Gözəl onu çox böyük bir hörmətlə qəbul elədi. Toğrul vəliəhdin və qardaşı Özbəkin Gəncəyə köçdüyünü eşidərkən rəngi ağardı və narazı bir səslə: – Demək, onlar öz əmilərinin istiqbalına çıxmaq istəməmişlər, – dedikdə, Gözəl də cavabında: – Əlahəzrətin istiqbal təntənəsini Gəncədə düzəltmək üçün gediblər, – dedi. Toğrul rahat olandan sonra Gəncədən heyət gəldiyini ona xəbər verdilər. O, axşam yeməyindən sonra heyəti qəbul etmək üçün vaxt təyin etdi. Lakin o, Gəncədən gələn heyətin kimlərdən ibarət olduğunu bilmirdi. Şübhəsiz ki, heyətin başında Nizami ilə Fəxrəddinin durduğunu bilsəydi, onları qəbul etmək istəməzdi. Nəhayət, heyət üzvləri otağa girdiyi zaman Toğrul dərhal məsələni anladı və vəliəhdin Gəncəyə köçməsinin səbəblərini təyin etdi. Buna görə də heyəti çox etinasız bir halda qarşıladı, hətta oturmaları üçün də təxirlə icazə verdi. Heyət üzvləri oturdu. Toğrul yanında olanlarla bir qədər söhbət etdikdən sonra, Fəxrəddin və Nizamiyə müraciət edərək: – Möhtərəmlər nə iş üçün təşrif gətiriblər? – dedi. Nizami Toğrulun sualına cavab verib dedi: – Əlahəzrətə Aran xalqının salam və arzularını təqdim etmək üçün gəlmişik. – Onların arzularının nədən ibarət olduğunu bilmirəm, salamları isə səmimi deyil. Çünki istiqbal dəstələri içərisində heyət üzvlərinin heç birisini görə bilmədim. – Əlahəzrət üçün istiqbal təntənəsi Gəncə altında düzələcəkdir. Biz isə başqa bir məsələ üçün göndərilmişik. – Nə kimi məsələ üçün? – Əlahəzrətin özünə məlumdur ki, son zamanlar Şirvan şahlığı ilə Aran xalqı arasında səmimi bir qardaşlıq əlaqəsi yaradılmışdır. Eyni zamanda qonşumuz olan Gürcüstanla da əlaqəmiz dostanədir. Əlahəzrət çox gözəl bilir ki, bu üç məmləkət hər cəhətcə bir-birinə bağlıdır. Lakin əlahəzrətin böyük bir qoşunla Şimali Azərbaycana gəlməsi, qonşularımızın rahatsızlığına səbəb olmuşdur. Onlar buna haqlıdırlar da. Heç bir müharibə təhlükəsi hiss etməyən və yainki qiyam və iğtişaş baş verməyən bir məmləkətə bu qədər qoşun gətirmək, gizlin bir məqsədin nəticəsi ola bilər. Buna görə də Aran xalqı öz qonşuları ilə olan dostanə qardaşlıq əlaqəsini davam etdirmək üçün, gətirdiyiniz qoşunun paytaxta qaytarılmasını rica edir. Çünki əlahəzrətin xidmətlərini yerinə yetirmək üçün Gəncədə və Aranın başqa şəhərlərində kifayət qədər qoşun vardır. Toğrul gülümsəyərək cavab verdi: – Hazırda Toğrul o qədər aciz deyildir ki, Aran xalqı ona təksilah olunmaq təklifini etsin. Mən elə zənn edirəm ki, bu fikir bütün Aran xalqının fikri deyil, ancaq burada oturan üç-dörd nəfərin fikridir. Buna da mənim əlimdə əsasım vardır. Nizami kimi adi bir şairin fikrilə böyük bir dövlət idarə oluna bilməz. Məmləkətin başında duran zat öz məmləkətinin məsləhətini çox gözəl bilir. Mən rica edərdim ki, şair qardaşım Qızıl Arslana verdikləri məsləhətləri mənə verməsin. Qızıl Arslan sizin məsləhətinizin nəticəsində məhv oldu. Sizin Qızıl Arslana və Qızıl Arslanın sizə yazdığı məktubların hamısı mənim əlimdədir. Onun bütün səhvləri burasında idi ki, bir nəfər şairə məmləkət adından danışmaq ixtiyarını vermişdi. Siz haman məktublarla onun qəbrini qazdınız, məmləkət xalqını hökumətdən, hökuməti isə məmləkət xalqından incitdiniz. Haqqımda yazdığınız tənqidlərə mükafat olaraq qardaşım Həmdünyan kəndini sizə bağışlamışdı. Lakin mən onu sizdən alıb Kəmaləddin şairə bağışladım. Çünki siz o mükafata layiq deyilsiniz. Mənim adıma yazdığınız “Xosrov və Şirin” əsərini nə üçün Qızıl Arslana bağışladınız?! Siz zənn edirdiniz ki, Toğrul birdəfəlik məhv olub həyat səhnəsindən silinəcəkdir?! Sən, Nizami, məktublarınla və həmin bu Fəxrəddin öz qılıncı ilə mənim başıma nələr gətirmədiniz! İndi gedib Aranın xalqına və onların qonşularına xəbər verin və deyin ki: Toğrul bu ordunu Aranın qonşuları ilə müharibə üçün yox, iki nəfər üçün gətirmişdir. Toğrul sakit oldu, Nizami danışmaq üçün icazə istədi. Toğrul acıqlı bir surətdə: – Danış, lakin mənə məsləhət vermə! – deyərək icazə verdi. Nizami çox soyuqqanlı bir surətdə sözə başladı: – Burada bir çox məsələlərə işarə olundu, onlara cavab vermək artıqdır. Lakin bunu demək istəyirəm ki, bizim burada meydana atdığımız fikir, burada oturanların fikri yox, bütün Şimali Azərbaycan xalqının fikridir, hərgah bu gün əlahəzrət bu barədə bizə cavab vermək istəmirsə, sabah Şimali Azərbaycan xalqına cavab verməlidir. Əlahəzrət – adi bir şairin fikri ilə bir dövlət idarə oluna bilməz – deyərək mənim Qızıl Arslanla olan yazışmalarıma toxundu. Buna cavab olaraq əlahəzrətin icazəsi ilə demək istəyirəm: Qızıl Arslanın məhvinə səbəb olan səbəbləri onu məhv edənlər bizdən daha aydın bilirlər. Əlahəzrət buyurdu ki, Qızıl Arslan bir nəfər adi şairə bir məmləkət adından danışmaq ixtiyarına verməkdə səhv etmişdi. Lakin bu səhv deyil, bu, xalqı öz müqəddəratı barəsində danışmaq üçün qanuni ixtiyarı tapşırmaqdan ibarətdir. Yalnız adi bir şair deyil, adi bir kəndli belə yaşadığı məmləkətin adından danışa bilər. Əlahəzrət Qızıl Arslanın mənə mükafat verdiyi Həmdünyan kəndinə işarə etdi. Mən o kəndin barəsindəki təəssüratımı, “Xosrov və Şirin” əsərinin axırında təfsilən qeyd etmişəm, burada qısa cümlələrlə də onu təkrar edəcəyəm: “Mən Həmdünyan kəndinə sahiblənməmişəm, ora ayaq belə basmamışam. Mən oranı həsudların göstərişləri ilə tanımamışam... Mənim bir məmləkətə yerləşməyən böyüklüyüm bir dəmirçi kürəsi böyüklüyündə kəndə yerləşə bilməzdi. O kənddə yetişən buğda dənələrinin miqdarınca mənim incidən qiymətli şeirlərim vardır. İkincisi də budur ki, dünyada padşahlardan da yoxsul bir adam yoxdur, onların öz zəhmətləri ilə qazandığı bir dünyaları yoxdur. Onların əlində olan xalqın malıdır. Buna görə də mən o kəndə sahiblənmək istəmədim”. “Xosrov və Şirin” əsərini Qızıl Arslana verdiyim üçün əlahəzrət məni tənqid etməsin. Çünki özünüz buyurursunuz ki, mən adi bir şairəm. Adi bir şairin yazdığı əsər sizin kimi böyük bir hökmdara layiq ola bilməzdi. Fəxrəddinin qılıncı ilə Nizaminin məktubları haqqında deyirsiniz: Sən Nizami, məktublarınla, həmin Fəxrəddin isə öz qılıncı ilə mənim başıma nələr gətirmədiniz?! Doğrudur, bu iki şey əlahəzrətin bütün təşəbbüslərini dağıtdı, çünki bu iki şey məmləkətdə əcnəbi nüfuzunun genişlənməsinə və sərhədlərin düşmən ayağı altında qalmasına mane törədirdi. Çünki Nizami ilə Fəxrəddin məmləkətin bir nəfər macəraçı qadın, bir nəfər də əcnəbi nümayəndəsi olan Zəhir Bəlxi və eyni zamanda bunların əmrlərinə boyun əyən hökmdarın əlində oyun-oyuncaq olmasına razı ola bilmirdi. Sonra əlahəzrət Aran xalqına sifariş verib deyir: “Gedib Aran xalqına və onların qonşularına xəbər verib deyin ki, Toğrul bu ordunu Aran xalqının qoşunları ilə müharibə üçün deyil, iki nəfər üçün gətirmişdir”. Bu ordunun iki nəfər üçün gətirilməsinə inanırıq. Lakin o iki nəfər Nizamidən və Fəxrəddindən ibarət deyil. Əlahəzrət öz oğlu Məlikşahın varisliyini möhkəm etmək üçün Əbubəkr və Özbəkin vücudunu aralıqdan qaldırmağa çalışır, lakin Şimali Azərbaycan xalqı Əbubəkrin vəliəhdliyini təsdiq etmişdir və onu bütün varlığı ilə müdafiə edəcəkdir. Toğrul cavab vermədi, ancaq bir kəlmə ilə: – Gedə bilərsiniz, – dedi. * * * Toğrulun taxt-rəvanı Xanəgah kəndində durub Gəncədən istiqbala gələnləri gözləyirdi. Ümumi qaydada baxmayaraq, böyük, həşəmətli qonağı istiqbal etmək üçün nə bazar-dükan qapanmışdı, nə də məktəb və mədrəsələrdən tələbə azad olunmuşdu. Bu qərarla da Sultan Toğrulun Gəncə səyahətinə gəlmək xəbəri çox soyuqqanlılıqla qarşılandı. Gəncə hakimi özünü məsuliyyətdən qurtarmaq üçün hökumət idarələrinə məxsus işçilər və bir qədər də saray nökərləri ilə Sultan Toğrulu qarşıladı. Sultan Toğrul Gəncəyə gəldiyinin ikinci günü Gəncə xalqından özünə beyət almaq və oğlu Məlikşahın vəliəhdliyini təsdiq etdirmək üçün xalqı Sultan Səncər camesinə dəvət etdi. Lakin buna müvəffəq ola bilmədi. Məscidin qapısından baxan tapılmadı. Nəhayət, o, Nizami və Fəxrəddini təhqir etdiyindən peşman oldu və bu kimi böyük bir səhvin nəticəsində Aran xalqının nifrətinə səbəb olduğunu bir daha anladı. O öz səhvini islah etmək üçün başqa bir çarə düşündü. O, başqa hökmdarları təqlid edərək böyük şairi ziyarət etmək istədi, çünki Toğrul Qızıl Arslan və şairlərinin Gəncəyə gəldikləri zaman, hər kəsdən əvvəl böyük Nizamini ziyarət etdiklərini bilirdi. Odur ki, bir gün əvvəl öz xüsusi katibini belə bir məktubla Nizaminin evinə göndərmişdi: “Böyük və möhtərəm şair! Mən Gəncəyə gələn gün sizin ziyarətinizə gəlməli idim. Qardaşım Qızıl Arslanın getdiyi yolu davam etdirməli idim. Lakin səhhətimin pozğunluğu və güvəndiyimiz xalqdan gördüyüm etinasızlıq, mənə öz vəzifəmi vaxtında yerinə yetirməməyimə səbəb oldu. Buna görə də böyük şair, kitabxanasına baxmaq üçün icazə verəydi, mən özümü tarixi bir şərəfə nail olmuş hesab edərdim. Səmimi dostunuz Toğrul”. Bu məktubdan bir gün sonra Toğrul şairin ziyarətinə gəldi. Toğrulu qapıda, Fəxrəddin, Əlaəddin, Azərbaycanın ziyalı və şairləri, nüfuzlu adamları istiqbal etdilər. Toğrul bu cəmiyyəti gördüyü zaman sevindi, çünki görmək istədiyi və görməyə müvafiq ola bilmədiyi adamların hamısı burada idi. O, burada öz məqsədinə nail olacağını düşünürdü. Toğrul, Nizami yaşayan otağa girdiyi zaman Əbubəkrin böyük şairin sağ tərəfində, Təliənin isə sol tərəfində oturduğunu gördü. Toğrul gəlib şairin əlindən öpərkən şair də vəliəhdə və Təliəyə müraciətlə: – Əminizin əlindən öpün! – deyə tapşırdı. Vəliəhd və Təliə dərhal ayağa qalxıb Toğrulun əlindən öpdülər. Toğrul vəliəhdi gördüyü zaman sanki öz qarşısında anabir qardaşı Atabəy Məhəmmədi gördü. O, öz cinayətini və Atabəy Məhəmmədin qətlində iştirak etdiyini xatırlayaraq utandı və vəliəhdi qucaqlayıb öpdüyü zaman şiddətlə ağladı, sonra da Təliənin saçlarını sığallayaraq: – Məsud bir saatda yaşayıram. Xoşbəxtliyinizi arzu edirəm! – dedi. Toğrul özündən ötrü hazırlanmış kürsünün üstündə oturdu. Nizaminin Toğrul ilə birinci sözü, Toğrulun oğlu Məlikşahın vəliəhdlik məsələsini həll etdi. O əlindən dəftəri yerə qoyduğu zaman: – Vəliəhd üçün yazdığım “Şərəfnamə”dən İskəndərin Bərdə səfərini oxuyurdum, çünki vətəni yalnız sevmək kifayət deyil, onu başlıca olaraq tanımaq lazımdır, – dedi. Toğrul isə qəlbində Nizaminin: – “Vəliəhd üçün yazdığım “Şərəfnamə” sözünü bir neçə dəfə təkrar edərək öz-özünə: “Bu söz bir xalqın şairinin ağzından çıxır, onun özü də Püsəran kəndində, “mən bütün Azərbaycan xalqının dilindən danışıram” – demişdi. Toğrul sakit oturmuşdu, o artıq oğlunun vəliəhdlik məsələsini deyil, özünün Şimali Azərbaycan xalqı tərəfindən hökmdarlığa təsdiq edilib-edilməməsi barəsində düşünür və şübhələnirdi. Buna görə də öz səhvləri barəsində danışaraq deyirdi: – Gəncə xalqının mənə göstərdiyi etinasızlıq mənim öz səhvlərimin nəticəsidir. Mən heç bir zaman xanədanımızın azərbaycanlılara arxalanmaqla qalib çıxdıqlarını unutmamalı idim. Nizami Toğrulun nə demək istədiyini dərhal anladı və cavabında: – Əlahəzrət çox gözəl bilir ki, səhvi anlamaq kifayət deyil, onu təkrar etməmək lazımdır. Çox təəssüf olsun ki, əlahəzrət hələ indiyə qədər də Azərbaycan xalqının böyük varlığına inana bilməmişdir. Sizin əcnəbi hökumətlərin nümayəndələri ilə yaxın dostluğunuz və onların törətdikləri macəra nəticəsində, məmləkəti təhlükəyə saldığınız Azərbaycan xalqının narazılığına səbəb oldu. Siz bu dostluğu yenə də qazana bilərsiniz. Çünki Azərbaycan xalqı sizi yenə də bir hökmdar kimi tanıyır. Siz Azərbaycan xalqının dostu olduğunuzu göstərdikdən sonra, bu xalqın köməyinə əmin ola bilərsiniz. Hələlik bu xalqın qılıncları pas tutmamışdır. Xalqda olan vətənpərvərlik hissləri yenə də coşur. Lakin siz əcnəbilərin təzyiqi nəticəsində məmləkətin, xüsusən Gəncə xalqının böyük və barışmaz düşməni olan Qütlüğ İnancı həbsdən buraxıb ona Rey hakimliyini verməklə azərbaycanlıların kömeyindən məhrum oldunuz. Yaxın zamanda Qütlüğ sizin əleyhinizə qalxacaqdır. O zaman siz azərbaycanlıları öz cərgənizdə görməyəcəksiniz. Söhbət çox uzun çəkdi, lakin Toğrulun saxta göz yaşları və öz səhvlərinin iqrarı bir fayda vermədi. O, öz şərafinə düzələn ziyafətdə, nə yeyib, nə eşitdiyini bilmirdi, qorxu və ümidsizlik onu əhatəsinə almışdı. Axşamın qaranlığı düşəndə Toğrul qaranlıq bir istiqbalın düşüncələri təsirində olaraq Nizami ilə vidalaşıb getdi. * * * Naxçıvan Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı. Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı. Xalq bu təbliğatın təsirinə düşməyə bilməzdi. Doğrudan da səlcuqilərin son hökmdarı olan Toğrul öz zəifliyi üzündən tac-taxtı səlcuqilərin köləsi olan Eldənizə uduzmuşdu. Çünki Toğrulun atası Arslan şah öldüyü zaman məmləkətin hüdudları cənub və cənub-şərq qoşunları tərəfindən zorlanır və məmləkətin təqsim edilməsi məsələsi Bağdad xəlifəsi Müstərşidbillahın iştirakilə müzakirə edilirdi. O zaman Toğrul uşaq idi. Onun anası Türkan xatun tac-taxtının zavala uğradığını hiss edərək, sərkərdələrindən Eldənizi yanına çağırıb dedi: “Sən bilirsən ki, mən kişi üçün yox, məmləkət üçün düşünürəm. Mənim ərimin ölümündən bir ildən də az keçir, yalnız Türkan xatun deyil, ən adi bir qadın belə bu az bir zamanda öz ərinin ruhuna qarşı ədalətsizlik göstərib ərə getmək istəməzdi. Buna görə də mən də sənin təklifinə qarşı öz fikrimi demək istəyirəm. Mən sənin qadının olmağa razılıq verirəm. Sən də tac-taxtını mənim oğlum Toğrul üçün müdafiə etməyə söz verməli, bu barədə yazılı olmaq şərtilə mənə təminat verməlisən”. Toğrul Gəncədən Təbrizə qayıtdıqdan sonra anası Türkan xatunla Atabəy Eldəniz arasında bağlanmış müqavilənin surətini çıxarıb şəhərlərdəki hakimlərə, ruhanilərə, vaiz və xətiblərə göndərdi. Həmin müqavilənin bir nüsxəsi Gəncə hakimi və Gəncə xatibinə göndərilmişdi. Toğrul bununla yalnız Cənubi azərbaycanlıları deyil, eyni zamanda Şimali azərbaycanlıları Atabəy Məhəmmədin oğlu Əbubəkrin ətrafından dağıtmağa çalışırdı. Gəncə küçələrində qışqıran carçılar. “Hakim əmr edir ki, şəhər əhalisi Sultan Səncər camesinə yığışsınlar, hey!” – deyə qışqırırdılar. Küçələrdə car çəkildiyinə baxmayaraq, Gəncə hakimi eyni zamanda şəhərin nüfuzlu və məşhur adamlarına məktub göndərib məscidə dəvət etmişdi. Cümə günü idi, məscid azğına kimi dolu idi. Xətib cümə namazını camaatla bərabər qılandan sonra minbərə çıxdı. O, xəlifə Nəsirəddinbillahın və Sultan Toğrulun adına xütbə oxuyandan sonra camaata müraciət edib danışdı: – Xudavəndi-aləm hər əsrdə və hər qərinədə öz bəndələrini adil bir hökmdarın əlinə əmanət tapşırır. Hökmdar Allahın bəndələri ilə mərhəmət və ədalətlə rəftar etmədiyi zaman, xudavəndi-aləm də hökmdarlığı ondan alıb bir başqasına verir. Qərinələrdən bəri məmləkətimiz adil hökmdarların əlində deyildi. Eldəniz xanədanı öz verdiyi əhdi sındırıb, heç də səlahiyyətdar olmadıqları halda, tac-taxtı əlahəzrət Sultan Toğrulun əlindən almışdılar. Halbuki əlahəzrətin anası Türkan xatun Şəmsəddin Eldənizə ərə getdiyi zaman, Eldəniz bu səltənəti Toğrul və onun övladı üçün mühafizə edəcəyinə söz vermişdi. Xətib bunları deyəndən sonra qoynundan Eldənizin Türkan xatuna verdiyi təminatı çıxarıb oxumağa başladı: “Mən, Şəmsəddin Eldəniz, hüdudu şimalda Şirvan, cənubda Fars, İraq, qərbdə Musildən ibarət olan hökmdarlığı əlahəzrət Toğrulun özü və övladı üçün mühafizə etməyə və bir Atabəy olaraq səmimi xidmət göstərməyə əhd-peyman verirəm. Mənim öz övladım əlahəzrət Toğrulun özünə və övladına xidmət etməyə və atabəylik vəzifəsini bitirməyə məcburdur”. Xətib bunları oxuyandan sonra əlavə olaraq dedi: – Təminat Şəmsəddin Eldəniz və Türkan xatunun öz əli ilə imzalanmış və xəlifeyi-ruyi-zəmin Müstərşidbillah tərəfindən təsdiq olunmuşdur. Xudavəndi-aləmə çox şükür olsun ki, Allahın bəndələrinin qəlbində heç bir şəkk və şübhə qalmadı. Bu mühüm vəsiqənin vasitəsilə Eldəniz xanədanının qəsbkar bir xanədan olduğu və tac-taxtı başqalarından oğurladığı müsəlmanlara məlum oldu. Buna görə də islamın xəlişan-şərəfini qaldırmaq üçün Allah tərəfindən kömək edilən və xəlifeyi-ruyi-zəmin və əmirəlmöminin tərəfindən təsdiq edilən bayrağın ətrafına, yəni əlahəzrət Toğrulun və oğlu Məlikşahın ətrafına yığışmaq lazımdır. Xətib sözünü bitirdi. Camaatın içərisindən: “Doğrudur! Doğrudur! Yalan deyil ki?! – kimi sözlər çox az eşidilirdi. Nizami Fəxrəddin və Əlaəddinlə bərabər bir tərəfdə oturub xətibə qulaq asırdı. O, Fəxrəddinə tərəf dönüb yavaşdan: – Xətibə cavab verməmək onun fikri və razılaşmaq kimidir, – deyərək ayağa qalxdı və danışdı: – Toğrul bir az əvvəl Aranda olduğu zaman, hazırda xətibin vasitəsi ilə demək istədiyi sözləri deməkdən qorxdu və yainki utandı. Xətib həzrətlərinin bizə oxuduğu təminat vərəqəsinin quru bir kağız olmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Eldənizin belə bir təminat verməsi hər kəs üçün aydındır. Eldəniz övladı bu təminatı heç bir zaman pozmamışlar. Onlar heç bir zaman özlərini padşah elan etmədilər. Lakin onlar işdə göstərdilər ki, bir hökmdar olaraq Toğruldan daha adil, daha bacarıqlıdırlar. Xətib həzrətləri öz sözlərində Eldəniz xanədanını tac-taxt oğrusu adlandırdı. Əlinə baxanda tac-taxtın özü əsasından oğurluq bir şeydir. Çünki onu heç kəs satmamış və heç kəs də pul verib onu almamışdır. Taxt və tac yaradıldığı gündən bəri onu bir hökmdar o biri hökmdarın başından qapmaqdadır. Xətib həzrətləri onu bilməlidir ki, tacın və taxtın özündə heç bir qiymət yoxdur, qiymət onu daşımaqda olan hökmdarın bacarığındadır. Hazırda Toğrulun daşıdığı tac üçüncü kərədir ki, onun başından fırlanıb yerə düşür, zənn edirəm ki, yenə də düşəcəkdir. Çünki tacın ağırlığını çəkə bilən və tacın tələblərinə cavab verə bilən baş Toğrulda yoxdur və ola da bilməz, çünki biz Toğrulu lazımınca tanıyırıq. Hökmdarlar ancaq xalqın iradəsini ifadə etdiyi zaman xalq tərəfindən təsdiq edilirlər. Toğrul isə bir neçə kərə taxta çıxıb yenə də düşmüş, lakin bu müddətdə xalqın işinə yaraya biləcək bir hökmdar olduğunu göstərə bilməmişdir. Xalqımız hökmdarı tac-taxtı ilə yox, işi və ədaləti ilə tanımalıdır. Nizaminin sözlərindən sonra xalq içərisindən: “Doğru deyir! Doğru deyir!” – səsləri eşidildi. * * * Gözəl, vəliəhdin kədərlərini dağıtmaq üçün təsəlli verib deyirdi: – Atandan və əmindən artıq ola bilməcəyəksən. Onların ikisi də qəhrəman və bacarıqlı hökmdarlardı. Lakin yaxalarını vaxtsız ölümün pəncəsindən qurtara bilmədilər. Onların həyatı müharibələr, qiyamlar, üsyanlar içərisində sürtülüb məhv oldu. Onlar dünyada adi bir kəndli qədər də rahatlıq görmədilər. Sən görürsən ki, özü heç bir şeydən ibarət olan taxt-tac, çox baha qiymətə mal olur. Atan və əmin bunlar üçün öz canlarını verdilər. Vəliəhd kədərli başını qaldırıb ah çəkdi və anasının üzündən öpərək: – Bunların hamısı doğrudur, – dedi. – Məni kədərləndirən əsas məsələ atamın və əmimin bu məmləkət uğrunda canlarını verdikləri və nəticədə tac-taxt oğrusu adlandırılmalarıdır. – Sən Toğruldan maaş alan beş-üç nəfərin dediklərini deyil, böyük bir xalqın və böyük bir şairin dediklərini nəzərə almalısan. Bu halda Təliə içəri girdi. Gözəl onu kədərləndirməmək üçün söhbəti dəyişdi, lakin onsuz da Təliə kədərli idi. O, xətibin Səncər camesində dediyi sözləri eşitmişdi. Gözəl, Təliənin dodaqlarından öpərək dedi: – Gəncə artıq istidir, sizi kəndə köçürmək üçün gəldim, bir-iki ay Çobanqayada yaşayarsınız. Sən bizim elin yaylağını görməmisən. Orada başqa bir həyat vardır. Həm də tarixi bir yerdir. Ora bizim babamızın tapıldığı dağdır. Gözəl Çobanqaya dağının tarixi haqqında uzun-uzadı təfsilat verdi. Təliə, doğrudan da, yayı Çobanqaya dağında keçirməyi qərara aldı. Lakin vəliəhd heç bir söz danışmırdı, o yalnız düşünür və evi dolaşırdı. Gözəl, Nizaminin ailəsilə görüşmək üçün başqa otağa keçdi, vəliəhd ilə Təliə isə sakit-sakit bir-birinin üzünə baxırdılar. Nəhayət, vəliəhd Təliəyə yaxınlaşaraq soruşdu: – Təliə, sən bir kəndli oğlunu sevim onunla yaşaya bilərsənmi? Təliə qara və heyrətli gözlərini vəliəhdə tərəf çevirib soruşdu: – O kəndli oğlu kimdir? – Hazırda mən ən adi bir kəndli oğluyam. Hazırda məndən fəqir və yoxsul bir adam yoxdur. Mən hazırda anamın himayəsində və bir şairin qonaqlığında yaşamaqdayam. – Sən bir hökmdar olmasaydın, səni daha artıq sevə bilərdim. Hərgah indiyə qədər ananızın himayəsində yaşadıqsa da, bundan sonra öz himayəmizdə yaşaya bilərik. Əcəba, biz işləmirdikmi? Başqaları ilə bərabər Püsəran kəndində vəzifəmizi bitirmirdikmi?! Şükür olsun, ikimiz də gənc, ikimiz də sağlam bədənliyik. Bizə heç bir şey lazım deyil. Mən ancaq səni sevirəm, buna görə də nə yoxsulluq, nə də zəhmətin ağırlığı məni qorxutmayır. Hər bir fikri başından at, qoy bu qeyli-qallı məmləkət Toğrulun özünə və oğluna qalsın. Həyətdən Nizaminin səsi gəldi, Təliə o biri otağa keçdi. Nizami içəri girdiyi zaman Gözəl də otağa girdi. Nizami ondan kəndin vəziyyətini və qoca Canpoladın səhhətini xəbər aldı. Gözəl bütün suallara cavab verəndən sonra nə üçün gəldiyini izah edərək dedi: – Havalar isti keçdiyi üçün uşaqları və sizin ailənizi Çobanqayaya köçürmək üçün gəldim. Mümkün olsaydı, sizin özünüz də bir neçə ay o tərəfdə vaxt keçirərdiniz, oraya hər tərəfdən şairlər və alimlər gəlirlər. Siz də bir az orada qalın. Nizami bir az fikirləşib: – İstidir, lakin təəssüf edirəm ki, uşaqlar gedə bilməyəcəkdir. Onların qabaqda böyük və uzunvaxtlı səfərləri vardır, – dedi. Gözəl də, oğlu vəliəhd də durub baxırdılar, səfərin nə kimi bir səfər olduğu barəsində soruşmağa cürət etmirdilər. Nəhayət, yenə də Nizami sükutu pozaraq dedi: – Məmləkətimizdə hökumət başına keçə biləcək nüfuzlu və xalqın etimad edə biləcəyi şəxsiyyətlər yoxdur. Süni nüfuz və süni etimad vasitəsi ilə hökumət başına keçirilən adamlar idarə edəcəyi xalqın etimad və məhəbbətini qazana bilməzlər. Təzə bir xanədan yaratmaq fikrinə tərəfdar deyiləm. Azərbaycanın qonşu hüdudlarında olan siyasi vəziyyətin bu fikrə imkan verməyəcəyini bilirəm. Daxili iğtişaşlar və Toğrulun sərxoşluğu nəticəsində yaradılan vəziyyət, Azərbaycan atabəyliyini Şərqdə ikinci dərəcəli bir hökumət dərəcəsinə gətirdi. Halbuki biz, xilafət məsələsi öldüyü zaman, daha da dirçəlməli idik. Lakin hökmdarın zəifliyi və onun bir qadın əlində oyuncaq olması, bizi bu qədər əlverişli bir fürsətdən istifadə etməyə buraxmadı. Siyasi vəziyyətimiz xarablaşdıqca, vaxtı ilə bütün Ərq məmləkətlərini heyrətə gətirən mədəniyyətimiz də, dar bir çərçivə içərisinə sıxılıb sönməkdədir. Vəziyyətin ağırlığı altında köhnələr əzilib aralıqdan çıxdı. Mücirəddinlər, Fələkilər, Əbülülə və Xaqanilər artıq yoxdur, onlar bizim bu qeyli-qallı mühitimizlə vidalaşıb getdilər. Xalqı adi həyatına qaytarmaq üçün xalq ilə birlikdə işləyəcək möhkəm əllər lazımdır. Hərgah belə bir əli özündə hiss edirsənsə, Azərbaycan xalqı sənə kömək verməyə hazırdır. Xalqın etimadını sənin ətrafında səfərbərliyə almağa söz veririk. Sənin arxanda duran qılınclar, şərq ölkələrində tanınmış qalib adamların əlindədir. Lakin qaliblərin arxalanması üçün möhkəm və sarsılmaz bir sütun lazımdır ki, o da hökmdardan ibarətdir. Sənin cürət və qəhrəmanlığınla tanışam, sən Qızıl Arslanın tərbiyəsi ilə böyüdün, buna görə xalqın iradəsi ilə işləyə biləcəyinə inanıram. Vəliəhd Nizaminin fikrini biləndən sonra öz fikrini əlavə edərək danışdı: – Hazırda cəmiyyət Toğrulun ətrafındadır, xalq öz zərərinə olsa belə, təzəliyi sevir. Məlikşahın Təbrizdə oturub Qızıl Arslanı əvəz etməsi Cənubi azərbaycanlılar üçün bir təzəlikdir. Bizim xanədanımızın ömrü bir əsrə belə çatmadı. Zamanın azlığına baxmayaraq iqbal dövrümüz sönməyə üz tutmuşdur. Elə zənn edirəm ki, Toğrulun ətrafında yığılmış cəmiyyəti heç bir ahənrüba öz tərəfinə çəkə bilməz. Nizami gülümsəyərək nəvazişkar bir surətdə vəliəhdə yanaşıb: – Özünü şaşırma, hökmdarda mətanətli bir qəlb olmalıdır, – dedi. – Toğrulun bəlası da orasındadır ki, onun ətrafında yığılanların cərgəsində xalq yoxdur, xalq bizim tərəfimizdədir. Onun ətrafındakılar xalqın özü deyil, xalqın iqbalı üzərində alış-veriş edənlərdir. Fəxrəddinlərin qılınclarının şəfəqi Yezdkürd qalasının bürcündən Araz çayı dalğaları üzərində əks etdiyi zaman, vəliəhd Toğrulun ətrafındakı alış-verişçiləri öz ayağının altında görəcəkdir. Hazırda səni təbrik edirəm, bu gün, Toğrulun təşəbbüslərinin əleyhinə olaraq Aran xalqı səni hökmdar elan etdi. Hazırlığını gör, yaxın günlərdə Naxçıvan şəhərinə hərəkət edəcəksən. Naxçıvanlılar bizimlə həmfikirdirlər. Onlar Eldəniz xanədanının dostlarıdır. Baban Eldənizin nüfuzu yenə də Naxçıvanda hökm sürməkdədir. Babanın dostları yenə də babana bəslədikləri hörməti onun qəbrinə də bəsləyirlər. Bu səfərdə böyük anan Möminə xatunun qəbrini də ziyarət edərsən. Vəliəhd və anası Gözəl öz qulaqlarına inanmırdılar, eyni zamanda Nizaminin əsli olmayan bir məsələ haqqında danışmadığını da bilirdilər. Nahar vaxtı idi, Gözəlin gəlməsi münasibətilə kiçik bir ziyafət tərtib edilmişdi. Ziyafətdə Gözəlin qardaşı Fəxrəddin, Dilşad, Əlaəddin və onun qadını Süsən iştirak edirdilər. Təliə yemək otağına girdiyi zaman, Nizami onun saçlarını sığallayaraq: – Azərbaycan tac-taxtının gənc mələkəsini təbrik edirəm, – dedikdə ziyafətdəkilər Əbubəkri və onun qadını Təlini təbrik etdilər. * * * Günorta namazından sonra vəliəhd birinci kərə Gəncə məscidində göründü. O, Nizami və Fəxrəddinlə bərabər minbərin sağ tərəfində salınmış döşəklərin üstündə oturdu. Məscidin içərisində təzə adamlar, xaricində isə bir çox silahlılar gözə çarpırdı. Hakimə məxsus döşəyin üstündə başqa hakim oturmuşdu, hətta xatibin döşəyinin üstündə də başqa bir xətib görünürdü. Xalq, Toğrul tərəfindən Gəncəyə təyin edilmiş hakimlə bərabər, xətibin də Gəncədən sürgün edildiyini və yerlərinə başqalarının təyin olunduğunu bilmirdi. Nəhayət, xətib minbərə çıxıb xütbə oxudu və xütbəsində Toğrulun əvəzində Cahan pəhləvan Atabəy Məhəmmədin oğlu Əbubəkr Nüsrətəddinin adını çəkdi. Məscidə bir gurultu qopdu. Razı qalanlar və razı qalmayanların səsləri bir-birinə qarışmışdı. Bəziləri oturduğu yerdə, bəziləri isə ayaq üstündə olaraq xətibə tərəf dönüb qışqırırdı. Bu vəziyyət davam etdikcə vəliəhdin ürəyi çırpınırdı, o, bu məsələnin hazırlanmamış bir halda xalqa təqdim olunduğunu hiss edir və bunun fəna nəticəsindən qorxurdu. Nizami bu qarmaqarışıq səslərin davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. Bundan sonra Fəxrəddin minbərin yanından ayağa qalxdı, bir neçə dəqiqə ayaq üstündə durub səs gələn və qışqırıqlar eşidilən tərəfləri gözdən keçirdi, qışqıranların kimlərdən ibarət olduğunu öyrəndi və sonra da əlini yuxarı qaldırıb “sakit olun” işarəsini verdi. Bir anda səslər kəsildi, Fəxrəddin danışmağa başladı: – Tək-tək adamlar öz iqbalının kimlərin əlində olduğunu yoxlamağa haqlıdır. Bu gün məsciddə qışqıranları tənqid etməyə heç kəsin haqqı yoxdur, razı qalan və razı qalmayanlar eyni dərəcədə haqlıdırlar. Həqiqətlər ancaq ixtilafların içərisindən süzülüb çıxandan sonra parlaya bilər. Hazırda tək-tək şəxslərin məsələsi deyil, böyük bir məmləkətin məsələsi həll olunur. Buna görə də heç bir kəsi sükuta məcbur etmək olmaz. Ən əvvəl mən xətib cənablarının Əbubəkr Nüsrətəddin haqqında oxuduğu xütbə ətrafında danışmaq istəyirəm. Hazırda hökmdarlıqdan düşürülməsini qərara aldığımız Toğrulun həyat və fəaliyyəti burada oturanların heç birisinə gizlin deyildir. Toğrul idarəedicilik qabiliyyətinə malik olan bir adam deyildir. Onu daima Eldəniz xanədanının üzvləri idarə edirdilər. Lakin, eyni zamanda; o başqaları tərəfindən də idarə olunmaqda idi. Hələ Atabəy Məhəmmədin dövründən bəri o, Xarəzmşahın xəfiyyəsi Zəhirəddin Bəlxini və İran şairi Kəmaləddini öz yanında saxlayıb bizim iqbalımızı onların məsləhəti ilə həll edirdi. Məmləkətin üzərinə başlanan hücumların səbəbləri yoxlandığı zaman, Toğrulun dəyərsizliyi bir daha meydana çıxmış olur. Toğrul öz xəyanəti ilə biz azərbaycanlıları bir neçə dəfə qanlı müharibələrə məcbur etmişdir. Biz bütün müharibələrdə qalib gəlmişik. Lakin onun bizdən gizlin olaraq düşmənlərimizlə başladığı münasibət yenə də bizi məğlub etdirmiş və tökülən qanların hədər getməsinə səbəb olmuşdur. Hazırda böyük bir padşahlıq dağılmaq üzrədir. Rey məmləkəti Xarəzm şahı Sultan Təkişin əlindədir. Həmədanda iraqlılar hökm sürməkdədir. Fars ölkələri İran vətənpərvərlərinin əlinə keçmək üzrədir. Toğrulun özü isə Təbrizdə oturub öz məmləkətinin əleyhinə, bizim əleyhimizə təbliğat aparmaqla məşğuldur. Bu vəziyyəti nəzərə alaraq sakit oturmağımız, məmləkətə qarşı tarixi bir xəyanətdir. Buna görə də mən, özlərini dəyərli və fəaliyyətli, idarəçi və çalışqan göstərə bilmiş Eldəniz xanədanından bir nəfərin hökmdarlığa təyin olunmasını təklif edirəm. O, Atabəy Məhəmmədin oğlu Əbubəkr Nüsrətəddindir. Vaxtilə vəliəhdliyini təsdiq etdiyimiz gəncdir. Fəxrəddin bunu deyərək Əbubəkrin əlindən tutub ayağa qaldırdı. Bir neçə dəqiqə Fəxrəddinlə Əbubəkr ayaq üstündə durdular. Nə “hə”, nə də “yox” deyən var idi. Nəhayət, Nizami vəziyyəti dəyişmək üçün ağaya qalxıb Əbubəkrin yanına gəldi və onun əlindən tutub məscid xalqına müraciət etdi: – Əvvəlcə təzə hökmdara mənim özüm beyət edirəm! – dedi. Nizamidən sonra Fəxrəddin, Əlaəddin və başqaları gəlib beyət etdilər. Beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. Gecə bütün şəhər bəzənmişdi. Küçələrdə, damlarda minlərcə məşəllər yanırdı. Hökumət dairəsinə məxsus meydandan yüzlərcə fişənglər göyə qalxır və təzə hökmdarın iş başına keçməsini Aran xalqına elan edirdi. Hökumət dairəsində hökmdarın şərəfinə təntənəli bir ziyafət verilmişdi. Ziyafətdə Nizami də iştirak edirdi. Gecədən bir neçə saat keçmiş bir dəstə qoşun hökmdarı böyük şairin samanlı palçıqla suvanmış evinə müşayiət etdi. * * * Bir aydan bəri Şimali Azərbaycanın hər tərəfindən axıb Naxçıvana gələn qoşun dəstələri Yəzdkürd qalasının ətrafında qurulan çadırlarda yerləşirdi. Araz çayının şimal tərəfindəki çəmənlərə baxıldığı zaman, hər tərəfdə sıra ilə ağ qanadlı kəpənəkləri xatırladan ağ çadırları görmək olurdu. Atabəy qülləsinin başında vurulan qılınc və qələm nişanlı bayraq əsdikcə, Eldəniz meydanında yığılan minlərcə Naxçıvan xalqı da: “Yaşasın Sultan Nüsrətəddin!” – deyə qışqırırdı. Eldəniz sarayının dişarı divarları qiymətli xalçalar, ipəklər və qumaşlarla bəzədilmişdi. Qapının başındakı kərənayxana səhər, günorta və axşamlar Eldəniz hökmdarlarına məxsus adət üzrə çalınırdı... Sultanın vəzirləri üçün xüsusi binalar hazırlanır, təmir edilirdi. Toğrul, Əbubəkrin sultan elan olunduğunu və Naxçıvana böyük bir ordu yığışdığını eşidərək həyəcana düşdü. O, öz səhvini anladı, lakin gec idi. Səhvlər islah oluna biləcək səhvlərdən deyildi. Nəhayət o, çox götür-qoydan sonra Təbrizdən Naxçıvana bir heyət göndərdi. Heyət Ziyaülmülk körpüsündən şimal tərəfə buraxılmadı. Fəxrəddin heyət sədrinin məktubuna cavab olaraq yazırdı: “Heyət qəbul etmək və hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün vəkil edilməmişəm”. Bu məktuba cavab olaraq heyətin göndərdiyi ikinci məktubda deyilirdi: “Hərgah həşəmətli Fəxrəddin müzakirə aparmağa vəkil edilməmişdirsə, o zaman bizim Gəncəyə getməyimizə imkan yaratsın. Biz əlahəzrət Sultan Nüsrətəddinin özü ilə bəzi məsələləri həll etmək istəyirik”. Lakin heyət bu təklifə də müsbət bir cavab ala bilmədi. Fəxrəddin bu təklifə verdiyi cavabında yazırdı: “Gəncəyə getməyə lüzum yoxdur, əlahəzrət yaxın günlərdə Naxçıvana varid olacaqdır. Heyət gəldiyi barəsində məruzə edərik, hərgah icazə verərsə, heyətin Naxçıvana gəlməsi mümkündür”. Heyət bu cavabı alandan sonra yenə də qayıdıb Ələmdar şəhərinə getdi, lakin Araz çayının cənub və cənub-şərq sahillərində qurulan çadırların sayı get-gedə artırdı. Toğrul hər ehtimala qarşı hazırlıq görür və silahlı qüvvə yığırdı. Sultan Nüsrətəddin Naxçıvana gələndən iki gün sonra Toğrul tərəfindən gələn heyətin Ziyaülmülk körpüsündən keçib Naxçıvana gəlməsinə icazə verdi. Heyətin Toğruldan gətirdiyi məktubun üstü Fəxrəddinin adına yazılmışdı. Buna görə də Nüsrətəddin Fəxrəddini çağırıb məktubu ona tapşırdı. Lakin Fəxrəddin məktubu oxumaqdan və hökmdara izah etməkdən utandı, çünki məktub öz mündəricəsi etibarilə böyük bir ordunun sərkərdəsinə deyil, bir nəfər yol vurana və quldura yazılmalı bir məktub idi. “Fəxrəddin! Mən bilsəydim ki, Şərqin iqbalı bir şairlə bir Fəxrəddinin əlində oyuncaq ola biləcəkdir, çoxdan bu səltənəti sənin bacın oğlu Əbubəkrə təslim edərdim. Hərgah sən və sənin rəhbərin olan şair bu cür düşünürsünüzsə, səhv edirsiniz. Çünki Şərqin müqəddəratını Aranda Sultan Sencər camesinə yığılan beş-on nəfər xəyalpərvər deyil, Bağdad saraylarında oturub bütün islam dünyasına hökm edən Əmirəlmöminin Ənnəsirəddinbillahlar həll etməlidirlər. Buna görə də islam dünyasında təzə qanların tökülməsinə imkan verməmək üçün sən də, sənin rəhbərin olan Şıx Nizamilər də bu məsələni xəlifənin hüzurunda müzakirəyə qoyub həll etməli idiniz. Lakin siz islam qanununa, adət və ənənəyə riayət etmədən, vərasət qanunlarının əleyhinə olaraq Toğrulun başındakı tacı qapıb bir kəndli qızından doğulan gəncin başına qoymaq istədiniz. Lakin tac hər başda durmaz. Oğurluq tac bir gün altındakı başı da özü ilə bərabər apara bilər. Sən ağlını başına yığ! Bir nəfər uşağı dünyada öz nəcabət və əsalətini tanıtmış olan Səlcuq nəvəsinin qarşısına qoymaqdan utan. Sən qəhrəmanlıq adını daşıya-daşıya tanınmısan, qoca vaxtında bu şöhrəti ucuz satma, çünki onu bir daha qazanmaq və əldə etmək üçün ömrün kifayət etməyəcəkdir. Öz şöhrətini tamamlamaq üçün məmləkətlərimdən birisini götürüb idarə et! Sən o şairdən əl çək, onda bir yığın kağızdan başqa heç bir şey yoxdur. Yaxın zamanda onun özünü də, qaraladığı kağızlarla birlikdə yandıracağam. Mən sənə əmr edirəm ki, gətirdiyin qoşunları evlərinə qaytarasan. Mən heç vaxt sizin təyin etdiyiniz valiləri tanımayacağam. Hərgah bu tələblər yerinə yetirilməzsə, mən öz hüququmu qoşun gücünə müdafiə edəcəyəm”. Toğrulun göndərdiyi nümayəndələr sakit-sakit baxırdılar, onlar məktubun cavabını gözləyirdilər. Lakin Fəxrəddin yenə də: “Cavabı əlahəzrətin özü verməlidir” – dedi. Heyət sədri isə hökmdara müraciətlə: – Biz əlahəzrətin hüzurundan mürəxxəs olub, əlahəzrət Toğrulun hüzuruna nə kimi bir cavabla getməliyik? – dedikdə Nüsrətəddin də: – Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir, – dedi. * * * Heyətin Təbrizə qayıtdığından on gün keçirdi. Toğrul tərəfindən göndərilmiş ikinci heyət Naxçıvana gəldi. Heyətin gətirdiyi ikinci məktubun mündəricəsi əvvəlki məktuba nisbətən yumşaq və soyuqqanlı bir surətdə yazılmışdı: “Əziz qardaşımın oğlu! Rəhmətlik qardaşım Atabəy Məhəmmədin bu məmləkət üzərində olduqca böyük bir haqqı var idi. Sən bilirsən ki, mən onun haqqını heç bir vaxt inkar etməmişəm. Sənin yaşın az da olsa, Eldəniz xanədanının tarixini çox yaxşı bilirsən. Eldəniz oğlanlarının heç birisi padşah olmamışdır. Onlar son günlərinə qədər mənim tərəfimdən və xəlifə tərəfindən təsdiq edilmiş atabəylik vəzifəsini bitirmişlər. Mən heç bir zaman bu vəzifənin Eldəniz xanədanı üzvlərinin əlindən alınmasına tərəfdar olmamışam. Hərgah qardaşımın oğlunun bir narazılığı varsa, o zaman bütün ailəmizin üzvləri bir yerə yığışıb narazılığın haqlı və ya haqsız olduğunu müzakirə edə bilərlər. Bu cür ixtilaflar qardaşımın sağlığında da bir neçə kərə baş vermişdi. Biz də yığılıb öz aramızda həll etmişdik. Bütün ixtilafları rəhmətlik anamız Türkan xatun həll edərdi. Bunun üçün də mən sənə iki təklif edirəm: onlardan birisi budur ki, məsələnin həllini yer üzünün xəlifəsinə və möminlərin əmirinə tapşıraq. İkincisi də, sən mənim və oğlum Məlikşah ilə bərabər məmləkətin idarəsində səmimiyyətlə iştirak elə! Hərgah son təklifə razısansa, o zaman sən Şimali Azərbaycanı, oğlum Məlikşah isə Cənubi Azərbaycanı idarə etməlidir. Bu qərarın üzərində sadiq qalmaq üçün hər üçümüz xəlifənin hüzurunda and içib imza verərik”. Nüsrətəddin bu məktubu oxuyandan sonra, Toğrula belə bir məktub yazdırdı: “Möhtərəm əmi! Məmləkət adından danışmaq üçün səlahiyyətli olmayan tək-tək adamlarla müzakirə apara bilmərəm. Çünki Azərbaycan xalqı bu barədə məni vəkil etməmişdir”. Toğrul bu cavabı alandan sonra, məsələnin ciddi olduğunu anladı. Nüsrətəddinə yazdığı üçüncü məktubunda bir daha güzəştə gedərək yazırdı: “Araz çayı sərhəd olmaq üzrə sənin Şimali Azərbaycan hökmdarı olduğunu təsdiq edirəm”. Lakin Toğrulun bu məktubuna da Nüsrətəddin: “Bu barədə müzakirə aparmağa vəkil edilməmişəm” – deyə cavab vermişdi. Məktub və müzakirələr nəticəsiz qalandan sonra hər iki tərəf silaha sarılmağa başlamışdı. Toğrulun Şimali Azərbaycan sərhədinə yığdığı qoşun miqdarca Fəxrəddinin gətirdiyi ordudan bir neçə qat artıq idi. Buna görə də Toğrul Araz çayını keçib Şimali Azərbaycana girməyi o qədər də çətin bir məsələ hesab etmirdi. Toğrulun qoşunu üç dəstəyə ayrılmışdı. Onlardan bir dəstəsi Cülfa kəndi qarşısından Araz çayını keçib Naxçıvana tərəf hücum edir, ikinci dəstə, Naxçıvanın qərb tərəfindən quruya çıxmağa çalışırdı. Toğrulun üçüncü ordusu isə, Xuda Afərin körpüsünü keçib Qarabağa hücum edirdi. Toğrul orduları müvəffəqiyyətlə çayı keçib Naxçıvanı mühasirəyə almaq və Nüsrətəddini tutub Toğrulun yanına aparmaq əmrini almışdı. Qarabağ tərəfindən Naxçıvana hücum edən dəstə müvəffəqiyyət qazandığı zaman, Naxçıvanın mühasirəsi bitmiş olacaqdı. Əlaəddinin sərkərdəliyi altında Qarabağa göndərilən qoşun bir aylıq müharibədən sonra Toğrulun ordusunu qovub körpüdən cənub tərəfə keçirmişdi. Culfadan keçən İraq ordusu Naxçıvan altına qədər irəliləyib Qızıl Vank monastırının altında Nüsrətəddinin şəxsən idarə etdiyi qoşunla vuruşurdu. Dörd gecə və gündüz davam edən müharibə nəticə vermədiyi zaman Hüsaməddin atını irəli sürüb Nüsrətəddini müharibəyə çağırdı. Nüsrətəddin qoşundan ayrılıb Hüsaməddinin qarşısına çıxdı. Vuruşma yarım saatdan artıq çəkdi. Hüsaməddin qılıncla Nüsrətəddini əlindən yaraladı, lakin Nüsrətəddin özünü şaşırmayaraq əmudla Hüsaməddinin çiyninə vurub qolunu sındırdı və qaçmaq istərkən kəməndlə sarıyıb yəhərdən götürdü. İraqlılar nə qədər çalışdısa da, Hüsaməddini Nüsrətəddinin kəməndindən qurtara bilmədilər. Sərkərdələrini əsir görən İraq qoşunu dərhal geri qayıtdı, aranlılar onların arxasına düşüb döyə-döyə onları Araz çayına tökdülər. Fəxrəddin qərb tərəfdən Naxçıvan altına qədər irəliləmiş düşmən ordusunu qismən qırıb, qismən də əmir götürdü. Toğrulun ordusu məğlub olaraq cənuba çəkiləndən sonra dinclik başladı. Nüsrətəddin isə ordunun cənuba hücum etməsi üçün hazırlıq əmrini verdi. * * * Hüsaməddinin edam edilməsi üçün Gəncədən razılıq məktubu gəldiyi gün, Təbrizdən də Toğrul göndərdiyi elçi Naxçıvana gəlib Nüsrətəddinə məktub gətirmişdi. Toğrul öz məktubunda yazırdı: “Məmləkət və vətən xainlərinin hiyləsinə aldanaraq öz vəlinemətinin üzünə qılınc çəkdin və minlərcə insan qanının tökülməsinə səbəb oldun. Eşitdiyimə görə, Hüsaməddinin yaraları sağalandan sonra, həyatına sui-qəsd etmək xəyalındasan. Mən tökdüyün qanları sənə bağışlayıram, lakin Hüsaməddinin həyatını beş yüz min qızıl dirhəm müqabilində mənə sat, o müqəssir deyil, o, öz vəzifəsini bitirən bir əsgərdir”. Nüsrətəddin yaza bilmirdi, əlindən yaralı idi, o, dayısı Fəxrəddini çağırıb Toğrulun məktubuna cavab yazmağı ona tapşırdı. Məktubda deyilirdi: “Sən heç bir zaman bizim üçün vəlinemət olmamısan. Biləks, xanədanımızın qılınçları sayəsində böyük nemətlərə nail olmusan. Çünki sənin özün nemət əldə edə biləcək bir dəyərə malik deyilsən. Məmləkət və vətənini əcnəbilərə satmaqla öz başını saxlamaq istəyən bir adamın, başqalarına vətən xaini deməyə haqqı yoxdur. Hüsaməddini beş yüz min qızıl dirhəm müqabilində sizə verə bilməyəcəyəm. Çünki o, məmləkət və vətən xainidir. Onun edam edilməsi üçün Azərbaycan xalqı bir səslə qərar çıxarmışdır. Onun edam edilməsi günü, mələkənin Naxçıvana gəldiyi günə qədər təxirə salınmışdır”. * * * Təliənin və Nüsrətəddinin anası Gözəlin taxt-rəvanı şəhərin mərkəzindən keçdiyi zaman, Atabəy qülləsinin qarşısında minlərcə silahlı və silahsız xalqın durduğunu gördülər. Onlar taxt-rəvanın ipək pərdəsini qaldırıb dişarı baxdıqları zaman Hüsaməddinin dar ağacından asıldığını görüb onun döşündəki iri xətlə yazılmış lövhəni oxudular: “Hüsaməddin, Atabəy Məhəmməd və Qızıl Arslanın qətlində iştirak etdiyi və məmləkətdə əcnəbi müdaxiləsi üçün imkan yaratdığına görə, Azərbaycan xalqı tərəfindən edama məhkum edilmişdir”. Nüsrətəddin xəstə idi, o xəstəlik yatağından təzəcə qalxdığı üçün Təliəni və anası Gözəli Atabəy Eldəniz sarayının qapısında istiqbal edə bildi. Təliə Nüsrətəddini xəstə və yaralı gördüyü zaman ağlamaq istərkən, Gözəl onun dodaqlarından öpərək: – Özünü ələ al, mehriban qızım! Bizim həyat tariximizdə ağlamaq sözü yazılmamışdır. Hökmdarın əlindəki yara, namus və qəhrəmanlığın silinməz bir möhürü olub qalacaqdır. Xalq hökmdarın uğrunda qan tökdüyü və öz həyatını qurban verdiyi zaman, hökmdarın sarayda oturub öz canını qorumaması şərəfsizlik olardı, – dedi. * * * Bu gecə Naxçıvanda indiyə qədər misli görünməmiş bir çıraqbanlıq var idi. Bir tərəfdən Toğrulun ordusuna ölüm zərbəsi vurulmuş, o biri tərəfdən gənc mələkə və hökmdarın anası Naxçıvana gəlmişdilər. Nüsrətəddinlə gənc mələkə Eldəniz sarayının bir guşəsində oturub sarayın cənubundan keçən Araz çayına və ayın şəfəqində gümüş rəngli ləpələrin balıq beli kimi titrədiyinə baxırdılar. Sanki on dörd gecəlik ay, üzündəki kirşanları yumaq üçün Edialağa gölünün sahilinə enir və ağ buludların qətifəsinə bürünərək çimməyə hazırlanırdı. Maku dağlarından qalxan ruzigar, Şahbuz qayalarından qopan sərin küləklər, Eldəniz sarayının başı üzərində çırpınaraq gənc mələkənin qara saçlarıyla əylənməyə çalışırdı. Xoşbəxt gənclərin oturduğu köşkün başı üzərində dövrə vurub dayanan nəş ulduzları da qısqanclıqdan parlayan gözlərini Təliənin çöhrəsinə dirəyib baxırdı. Gənc Nüsrətəddin dodaqlarını Təliənin dodaqlarına uzatdığı zaman, küləklər də ulduzları qısqandırmamaq üçün Təliənin uzun saçlarını qaldırıb Nüsrətəddinin çiyinlərinə tökür və pərdə çəkirdi. Bu vəziyyət uzun dəqiqələr davam etdi. Son kərə Təliə dodaqlarını gənc hökmdarın dodaqlarından çəkdiyi zaman belə bir səs eşitdi: “Mələkə həzrətləri, şam süfrəsinə buyurun”. Onlar yerlərindən qalxıb aşağı düşmək istərkən, yenə də hökmdar Təliənin dodaqlarından, ruzigarlar isə qara saçlarından öpürdü. Təliənin və Gözəlin Naxçıvana gəldiyinin ikinci günü hökmdarın əmrinə görə babası Eldəniz və böyük nənəsi Mömina xatunun qəbirləri üzərində bir ziyarət mərasimi düzəldilmişdi. Hökmdar babasının qəbir daşına bir dəstə gül qoyub dedi: “Aylardan bəri Naxçıvanda oturub ziyarətinizə gəlmədiyimi özünüzə qarşı bir nəzakətsizlik hesab etməyin. Qaliblərin ziyarətinə böyük bir qələbənin müjdəsi ilə gəlmək istəyirdim. Bu gün Naxçıvan yenə də sənin varlığınla fəxr edir, sənin rəhbərliyinlə vətənini düşməndən təmizləyir. Sənin oğlanlarının intiqamını aldım, onların qatillərini dar ağacından asdım. Araz çayının cənub sahilinə keçirəm. Eldənizin tarixi nüfuzunu yenə də Bağdad qapılarına hakim edəcəyəm”. Gözəl və Təliə Eldəniz və Mömina xatunun qəbirləri üzərinə gül qoyub qayıtdıqları zaman, yolun ətrafında duran yoxsullara qızıl və gümüş dirhəmlər və dinarlar ehsan edirdilər. * * * Gecə çox qaranlıq idi. Daşın dalında oturub Araz çayına baxan keşikçi Araz çayından bir qaraltının üzüb bu tərəfə keçdiyini hiss etdi, yerindən hərəkət etməyərək gözünü həmən nöqtəyə zillədi. Bir neçə dəqiqədən sonra çayın kənarındakı daşın dalından bir nəfərin qalxıb şəhərə tərəf getmək istədiyini gördü və ayağa qalxıb: – Kimsən?.. Dayan! – deyə səsləndi. Naməlum adam dayandı və heç bir müqavimət göstərmədi, ancaq keşikçinin: – Kimsən?.. Nəçisən?! – deyə verdiyi suala cavab olaraq: – Bir dəqiqə artıq danışmaq əlahəzrət Nüsrətəddinə qarşı bir xəyanətdir, məni onun yanına aparın! – dedi. – Mən səni ancaq bizim nayibin yanına apara bilərəm. – Hər kimin yanına aparırsan apar, lakin yubanmaq lazım deyil. Keşikçi onu nayibin yanına gətirdi. Nayib onun kim olduğu və nə üçün gəldiyi barəsində sual verməyə başladı. Naməlum adam sual-cavabın uzun çəkəcəyini hiss etdi, nayibdən yüzbaşıya, yüzbaşıdan sultana, sultandan əmirhəng, sərtib, sərhəng və süpərsalara qədər bu kimi suallara cavab verməyə məcbur olacağını və buna görə də nayibə müraciət edib dedi: – Sual-cavabı buraxın, hər bir sualın cavabını vermək onlarca insanın məhv olunmasına səbəb ola bilər, vəziyyət ciddidir. Məni əlahəzrətin yanına götürün. Nayib qasidin sözünə qəhqəhə ilə güldü və dedi: – Nə qədər əziz qonaq... Gecənin bu zamanı əlahəzrət öz sarayında oturub Araz çayından oğurluqca keçən cənabın yolunu gözləyirmiş. Eybi yoxdur, yol gəlibsən, yorğunsan, bu gecəni bizim qarovulxanada qalıb istirahət edərsiniz. Sağlıq olursa, sabah sizin əmrinizə əməl edərik. Qasid yalvarmağa başladı, lakin sözü qəbula keçmədi. Onu bir neçə əsgər götürüb qarovulxananın içəri otağına aparmaq istədi. Ancaq o: – Bu sizin tərəfinizdən hökumətə qarşı bir xəyanətdir. Mən mühüm bir məqsəd üçün Naxçıvana göndərilmişəm. Bu sözlərin heç birisi qəbula keçmədi. Onu çəkə-çəkə aparırdılar. Bu halda qarovulxanaları yoxlamaq üçün gələn Fəxrəddin dörd nəfər yavəri ilə bərabər qarovulxanaya girdi və naməlum adamın otağa sürüldüyünü görüb soruşdu: – Bu nə deməkdir?! İnsana qarşı insancasına əlaqəni unutdunuzmu?! Nayib bu suala qarşı cavab verib dedi: – Araz çayından xəlvətcə keçmişdir. Özü də padşahın özündən başqa heç bir kəslə danışmaq istəmir. Görünür ki, ağıldan da bir azca yoxsuldur. Özünün bu saatda padşahın yanına aparılmasını tələb edir. Fəxrəddin nayibin üzünə acı bir baxışla baxaraq: – Buraxın, buraxın mənim yanıma gəlsin, – dedi. Naməlum adamı buraxdılar. O, Fəxrəddinə sual verdi: – Siz kimsiniz? – Mən padşah ordusunun süpərsalı Fəxrəddinəm. – Bu təsadüf bir xoşbəxtlikdir, sizin nayiblər mənim vaxtımı sual və cavabla itirsəydilər, əsas məqsəd əldən çıxacaq idi. Təbrizdə vəziyyət qorxuludur, məni Şəmsəddin göndərmişdir. Əlahəzrətin hüzuruna getməliyəm. Fəxrəddin daha heç bir söz demədi. Qasidlə bərabər atlanıb gecə saat ikidə Eldəniz sarayına çatdılar. Keşikçi gedib Nüsrətəddinə Fəxrəddinin bir nəfər naməlum adamla gəldiyini xəbər verdi, bir azdan sonra qayıdıb: – Əlahəzrət sizin müntəzirinizdir, – dedi. İçəri girdilər. Nüsrətəddin yatmamışdı, o Təliə üçün Nizaminin “Xosrov və Şirin” əsərindən parçalar oxuyurdu. Fəxrəddin qasidi əlahəzrətə təqdim edib: – Qasid, mərhum Qızıl Arslanın qoca vəziri Şəmsəddin tərəfindən gəlmişdir, – dedi. Nüsrətəddin kitabı əlindən yerə buraxıb: – Mənim möhtərəm müəllimimin kefi necədir? – deyə soruşduqda, qasid: – Həm çox qocadır, həm də xəstədir. – Məktub verməmişmi? – Bəli, vermişdir. – Hanı bəs məktub? Qasid utanaraq cavab verdi: – Məktub köynəyimə yazılmışdır. – Get, çıxar gətir. Qasid, pərdənin dalına keçərək köynəyi çıxarıb gətirdi, lakin oradan heç bir şey oxunmurdu. Fəxrəddin köynəkdə yazı görmədikdə nayibin “ağıldan da bir azca yoxsuldur” – dediyi yadına düşdü, naməlum adama inanaraq padşahın yanına gətirdiyindən utandı və ona sual verdi: – Öz çirk köynəyini padşaha nişan vermək üçünmü Araz çayını keçib bura gəlmişdin?! Qasid bu sualdan gülümsünərək dedi: – Əmr edin qızarmış odla dolu bir manqal gətirsinlər. Fəxrəddin güldü, padşah da qəhqəhə ilə güldü və qasidə sual verdilər: – Köynəyinin tərini qurutmaqmı istəyirsən? – Rica edirəm, vaxtı boşa verməyin. Manqal gətirilməsinə əmr verin. – Manqal gətirdilər. Qasid köynəyi istiyə tutdu, bir azdan sonra köynəyin üstündə sarı rəngdə yazılar görünməyə başladı. Fəxrəddin və padşah heyrətlə soruşdular: – Bu nə deməkdir? – Təbrizdən kənara çıxanların hamısı Toğrulun təyin etdiyi qarovullar tərəfindən axtarılır. Bir parça kağız şəhərdən kənara çıxarmaq mümkün deyil, yollarda uzunqulaqların palanlarının içərisini belə söküb axtarırlar. Buna görə də Şəmsəddinin əmrinə görə məktubu soğan suyu ilə köynəyimə yazdılar. Köynək ancaq oda tutulandan sonra yazıları oxumaq mümkün olacaqdır. Fəxrəddin köynəyi əlinə alıb məktubu oxumağa başladı: Əlahəzrət! Toğrulun Naxçıvan altındakı məğlubiyyəti dostlarınızı həddindən artıq sevindirdi. Lakin Toğrul indi şimali azərbaycanlıların intiqamını Cənubi Azərbaycan xalqından almağa başlamışdır. Yaşayış şəraiti olduqca ağırdır. Toğrulun yaratdığı bu şərait azərbaycanlıları köçürüb yerlərinə iraqlıları və iranlıları köçürmək məqsədini daşıyır. Toğrul Cənubi Azərbaycanı iranlılaşdırmaqla Şimali Azərbaycanın qarşısına bir hasar çəkmək, daha açığı, onları təkləmək istəyir. Hazırda Təbrizdə və ətrafında birləşən iyirmi min İraq və Fars qoşunlarına öz ailələrini Azərbaycana köçürmək əmri verilmişdir. Təbrizin qərb tərəfində yaşayan xalqa, bir ayın müddətində köçüb İraq və Fars məmləkətlərinə getmələri əmr olunmuşdur. Lakin onlar Toğrulun bu əmrinə itaət etmədilər. Onlar Toğrulun göndərdiyi cəza dəstələrini qovub məhəlləndən çıxardılar. Hazırda ixtilaf böyük bir üsyan şəkli almışdır. Qara Məlik adlı bir nəfər kəndli bu üsyanı idarə edir. Cənubi Azərbaycanın hər tərəfindən igidlər və vətənpərvərlər Qara Məlikin köməyinə gəlirlər. Lakin onlar nə qədər qəhrəman olsalar da, mübarizəni uzun müddət davam etdirə bilməyəcəklər. Çünki onlar rəhbərsizdirlər. Toğrul hələ Naxçıvan üzərinə hücuma başlamazdan əvvəl xalqın rəhbərlərini və iş bilən adamlarını həbs etdirmişdir. Mən özüm də xəstə olduğum üçün, evimdə həbsə alınmışam. Təbrizə tecili surətdə kömək verməyiniz lazımdır. Üsyançı kəndləri dağıtmaq üçün Həmədandan böyük məncəniqlər gətirilməkdədir. Əlahəzrəti əmin edirəm, Şimali Azərbaycan atlıları Mərənd şəhəri altında görünən kimi, təbrizlilər üsyana başlayıb öz düşmənlərini qovacaqlar. Mən elə zənn edirəm ki, azərbaycanlıların Toğrula qarşı aparacağı bu mübarizə son mübarizə olacaqdır. Əlahəzrətin nəzərinə bir şeyi də yetirmək istəyirəm ki, o da bundan ibarətdir: İraqdan və Reydən aldığım xəbərlər olduqca qorxuludur... Şərqin hazırkı vəziyyəti Toğrul kimilərin tac-taxtı əlində saxlaması üçün əlverişli deyil. Hazırda xilafətin bir Atabəy qədər də nüfuzu qalmamışdır. Onu bugünkü vəziyyətdə saxlamaq üçün qüvvətli bir əl lazımdır. Toğrulda isə elə bir əl yoxdur. Xəlifə o kimi qüvvətli əli Sultan Əlaəddindən və Xarəzm padşahından ummaqdadır. Toğrul uçuruma doğru sürüklənib gedir, ayıq olmaq lazımdır ki, o, məmləkəti də özü ilə bərabər uçuruma aparmasın. Təbrizlilər sizi böyük səbirsizliklə gözləməkdədir. Təbriz, Şəmsəddin”. Padşah qasidin istirahəti üçün əmr verdi. Otaqda bir Fəxrəddin, bir də padşahın özü idi. Padşah Fəxrəddinə sual verdi: – Bu vəzifəni yerinə yetirə biləcəyikmi? – Hər nə olursa olsun yerinə yetirməliyik. – Ordun hazırdırmı? – Hazırdır, hər ehtimala qarşı hazırdır. – Sabah gecə Araz çayını keçmək lazımdır. Lakin hücum başlanacağını heç bir kəs bilməməlidir. Fəxrəddin: – Başım və gözüm üstündə! – deyib padşahla vidalaşdı. * * * Gecə çox qaranlıq idi. Göz-gözü görmürdü. Maku dağlarında oynayan qara buludlar Qızıl Vank dərəcəsinin şimalından Araz çayına tərəf yürüyən atlıların hərəkətini pərdələyirdi. Kişnəyən atların ağızları bağlanmışdı. Lakin bir-birinin dalınca şığıyan və ətrafı işıqlandıran ildırımlar Araz çayı kənarında başlanmış bu axını çox tez bir zamanda Toğrul ordusunun gecə qarovullarına xəbər verdi. Bir anda Culfa burnundan Ərəblər kəndinə qədər otuz fərsəng məsafədə yerləşən Toğrul ordusundan şeypur səsləri və “düşmən gəlir” qışqırtıları eşidilməyə başladı. Toğrul ordusu ayağa qalxdı. Bir anda Araz çayının başı üzərində hakim olan dağlarda od yandırıldı, çayın keçəcək yerləri gündüz kimi işıqlandı. Çayın kənarına yığılmış tikan kollarına od vurdular. Çay işıqlandığı zaman minlərcə Qarabağ və Aran atlılarının burnundan su fışqıra-fışqıra üzən atlarda çayın cənub sahilinə doğru üzdükləri göründü. Bir anda qiyamət başladı. Gecənin qaranlığından istifadə edərək, Fəxrəddin çayın şimalındakı dağlarda böyük daşlar ata biləcək dörd yüzə qədər məncəniqin yerləşdirilməsində əmr vermişdi. Düşmən cənubdakı qayaların dalında yerləşib oxları yağış kimi çaydan keçənlərin üzərinə yağdırırdı. Lakin dörd yüz məncənəqin atdığı ağır daşlar qayaları Toğrul qoşunlarının başına uçururdu. Bir neçə dəqiqənin içərisində qalın toz təbəqələri Araz çayı ilə Toğrul qoşunları arasında geniş bir pərdə çəkdi. Gün çıxanda Fəxrəddinin on min nəfərdən ibarət olan birinci dəstəsi Araz çayını keçərək Culfa düzlərində yerləşmişdi. Toğrul ordusu Cəbbəxana və çadırlarını buraxıb dağınıq bir halda Xoy və Təbrizə tərəf çəkilmişdi. Axşam saat dörd radələrində Nüsrətəddin böyük bir dəstə ilə Araz çayını keçib qərargaha gəldi və dərhal qoşunun kiçik dəstələrə ayrılaraq Təbrizə doğru hərəkət etməsinə əmr verdi. Culfa düzündə böyük bir bayram nümayişi hiss olunurdu, Azərbaycan qoşununun çayı keçdiyini və Təbrizə köməyə getdiyini eşidən və bilənlər güllər, çiçəklər, qurbanlar və sair hədiyyələrlə bərabər Culfa düzünə yığılmışdılar. Kəndlilər yaralıları sağaltmaq üçün öz evlərinə götürür və onların əvəzinə öz oğlanlarını orduya verirdilər. Kəndlilər Toğrul ordusunun dağılmış dəstələrini dağlardan, dərələrdən qoyun sürüsü kimi tutub padşaha təslim etmək üçün Culfa düzünə gətirirdilər. Padşah isə onların Naxçıvan və başqa şəhərlərə göndərilmələrinə əmr verirdi. Qoşun yeyib-içəndən və oynayıb şadlıq edəndən sonra, Təbrizə tərəf hərəkət etmək əmrini aldı. Qoşun təbrizliləri qurtarmaq üçün istirahət etmədən at sürürdü. Axşam vaxtı Culfa düzündən hərəkət edən ordu, sabah gün çıxan zamanı Mərənd şəhərini mühasirə etməyə başlamışdı. Lakin şəhərin mühasirəsinə lüzum görülmədi, çünki Azərbaycan qoşununun şəhərə yaxınlaşdığını eşidən mərəndlilər dərhal üsyan edib, Toğrulun qoşunlarını qırmış və hakimlə bərabər bir çoxlarını həbsə almışdılar. Şəhər xalqı musiqi və şadlıq nəğmələri ilə Azərbaycan ordusunu qarşılayıb həbsə alınmış hakimi və əsirləri təqdim etdilər. Fəxrəddin isə onlara razılıq edib hakimin və əsirlərin qərargaha göndərilməsinə əmr verdi. Bir neçə saat istirahətdən sonra qoşun Təbrizə doğru hərəkət etdi. Ordu Sofiyan kəndinə çatdığı zaman, Təbrizdən qaçanlar Fəxrəddinin yanına gəlib şəhərdə dəhşətli qırğınlar davam etdiyini xəbər verdilər. Qaçqınların göstərişinə görə Qara Məlikin üsyançı dəstələri təslim olmaq təklifini rədd etdiklərindən və Təbriz xalqının bu üsyana qoşulduğundan acıqlanmış Toğrul, Təbriz xalqının qətl və qarət olunmasına əmr vermişmiş. Dörd gündən bəri Toğrul qoşunu ilə Təbriz xalqı arasında qanlı müharibələr gedirmiş. Fəxrəddin orduya iki saatlıq istirahət verdi. Culfadan hərəkət etmiş ikinci və üçüncü dəstələr də Sofiyan kəndinə yanaşdı. Axşam qaranlıq düşəndə Təbrizdən Sofiyan tərəfinə güclü qoşun dəstələrinin hərəkət etdiyini xəbər verdilər. Yarım saat keçmədən İraq atlıları Alver və Sofiyan tərəflərində görünməyə başladılar. İki qalın toz təbəqəsi bir-birinə yaxınlaşırdı. Ancaq Qarabağ və Aran atlarının şiş kimi duran quyruqları görünürdü. İgidlər isə oxdan qorunmaq üçün şiddətlə yürüyən atların böyrünə yatmışdı. Atlar burun-buruna toxunmaq istədiyi zaman qılınclar qınından çıxdı. Dörd saat davam edən qanlı müharibədə Azərbaycan ordusu iraqlıların müqavimətini sındırdı. Fəxrəddin orduya verdiyi əmrində: “Birinci növbədə Təbrizdən Qəzvinə gedən yollar əldə edilməlidir” – dedi. İraqlılar döyüşə-döyüşə çəkilib Təbrizə girdilər. Gecə olduğuna baxmayaraq, şəhərin içərisində qızğın vuruşmalar gedirdi. Günəş Ərkin dalından çıxıb Təbriz küçələrində tökülən günahsız qurbanları gözdən keçirdiyi zaman, on gündən bəri Toğrul qoşunu ilə döyüşməkdə olan Təbriz xalqı azad nəfəs alır və Şimaldan gələn qardaşları ilə öpüşür və salamlaşırdı. Toğrulu və oğlu Məlikşahı tutmaq mümkün olmamışdı, çünki Sofiyan altındakı müharibəni itirəndən sonra Toğrul oğlu Məlikşah ilə bərabər Qəzvin tərəfinə qaçmışdı. Təbriz alınandan iki gün sonra padşah Təbrizə gəldi. O, birinci növbədə Təbriz üsyanını başlayan Qara Məliki yanına çağırıb xələt verdi və: – Yaşadığın məhəlləni sənin adınla adlandırıram! – dedi. * * * Toğrulun qətli Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu. Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı. Qütlüğ İnancın orduları Həmədan altına yığıldığı zaman, Azərbaycan ordusu da padşahın rəhbərliyi altında Qəzvin ətrafında yerləşib durmuşdu. Çünki Xarəzm ordusu III Toğrul ilə hesablaşandan sonra Azərbaycana soxula bilərdi. Xarəzmşahla bağlanan müqavilədə Xarəzm şahı Qütlüğün Azərbaycan taxt-tacına malik olacağını öhdəsinə götürmüşdü. Toğrul ilə Azərbaycan arasında olan ixtilafa baxmayaraq, azərbaycanlılar köhnə və milli hüdudu müdafiə etmək üçün Toğrula kömək vermək və əcnəbi hücumunu dayandırmaq məsələsini müzakirə edirdilər. Lakin Toğrul azərbaycanlıların bu təklifini tamamilə düşmən bir fikir hesab etdiyi üçün qəbul etmədi. Bu təklifdən sonra Toğrul düşmənə qarşı qoya biləcəyi qüvvətin mühüm bir hissəsini İraq cəbhəsindən götürüb Azərbaycan sərhədinə gətirdi. Fəxrəddin məmləkətin qorxu altında qaldığını hiss edərək, Toğrulun əlində olan məmləkətləri müdafiə etmək üçün əlindən gəldiyi qədər çalışırdı. Lakin Toğrul yenə də öz inadında davam edirdi. Nəhayət, Xarəzm və Rey orduları hüdudu keçdiyi zaman, Fəxrəddin Toğrula belə bir məktub göndərdi: “Məmləkət qorxu altındadır. Xarəzmdən və Reydən üzərinə yürüyən orduların öhdəsindən gələ bilməyəcəksən. Çünki sənin güvəndiyin orduda bir nəfər də olsa səmimi dostun yoxdur. Düşmənin buna inandığı üçün də sənin üzərinə yürüyür. Sənin əlində olan məmləkətin düşmən əlinə keçməsi bir neçə günün işidir. Bizim əlimizdə olan vəsiqələrə görə, xəlifə Ənnəsiraddinbillah Sultan Təkişin Rey və İraqın üzərində hökmranlığını təsdiq etmişdir. İş-işdən keçmişdir. İnadı burax! Azərbaycan xalqının qanları və qurbanları bahasına alınmış məmləkətlərin düşmən əlinə keçməsinə razı olma. Sən bu selin qarşısında dura bilməyəcəksən. Sən bizə inan, sərhəddi aç, qoy Azərbaycan qoşunu gəlib düşməni məmləkətdən qovsun. Biz hazırda sənin əlində olan torpaqları sənin üçün müdafiə etməyə and içirik”. Toğrul Fəxrəddinin məktubunu alandan sonra öz vəziri şair Kəmaləddinlə məsləhətləşdi. Kəmaləddin Fəxrəddinin məktubunu oxuyub güldü və: – Azərbaycanlılar böyük bir məmləkəti quru bir məktubla işğal etmək istəyirlər, – dedi. Toğrul Fəxrəddinə verdiyi cavabında: “Mənim üçün şimaldan gələn dostlar, şərqdən və şimal-qərbdən gələn düşmənlərdən daha qorxuludur” – deyə yazdı. Nəsihətlər fayda vermədi. Müharibə başlanmışdı. Şəhərlər bir-bir düşmən əlinə keçirdi. Lakin Toğrul öz eyş-işrətində davam edir və cəbhələrin müdafiəsi ilə məşğul olmurdu. Düşmən onun, içində olduğu paytaxtın qapılarını döyməyə başladı. On birinci gün nahar yeməyindən sonra Toğrul həddindən artıq sərxoş idi. Yumşaq balışlara söykənib şərab içir və rəqqasələrin titrək göbəklərinə tamaşa edirdi. Sərkərdə içəri girib baş endirdi: – Düşmən Rey darvazasından şəhərə soxuldu, müharibə Atabəy meydanının ətrafında gedir, – dedi. Musiqi dayandı, içi şərabla dolu piyalələr yerə qoyuldu, rəqqasələr yerlərində buzlayıb durdu, hökmdarın taxtının ayağındakı məxmər döşəklərin üstündə sərilib oturan cariyələrin göz bəbəkləri dondu, hər kəs hökmdarın ağzına baxırdı. Nəhayət, hökmdar səsləndi: – Atımı və silahlarımı gətirin! – dedi. Salon boşaldı, yarım saatdan sonra hökmdarın xasə alayı onu təntənə ilə döyüş meydanına gətirdi. Qütlüğ İnanc atını sürüb Toğrulun qarşısına gəldi. Toğrul atını məhmizləyərək meydanı dolaşdı. Qütlüğün üzərinə at saldı. Yəhərin üstündən ağır gürzü çıxarıb Qütlüğün başına endirmək istərkən, Qütlüğ atını geri sıçratdı. Gürz Toğrulun öz atının qoluna dəyib sındırdı, Toğrul atı ilə bərabər yerə yıxıldı. Toğrul qoşunundan heç bir kəs irəli gedib onu Qütlüğ İnancın əlindən almaq istəmədi. Qütlüğ atından enib qılıncını çəkdi. Toğrul vəziyyəti belə görüncə sərxoşluqdan ayıldı və Qütlüğə yalvarıb dedi: Ey Cahan pəhləvanının oğlu, mən bugünkü günün sultanıyam. Mərhəmət vaxtıdır, mənə aman ver! Qütlüğ əlində qılınc onun başı üzərində durduğu zaman dedi: – Ölüm gəldiyi zaman böyüklük tələbində olma! Bu müharibələrin səbəbi sənsən. Qütlüğ İnanc bunları dedikdən sonra ona bir qılınc endirdi. Bir qılıncla böyük bir səltənətə nəhayət verildi. Qütlüğün əmrinə görə Toğrulun meyitini bir dəvənin üstünə atıb Sultan Təkişin hüzuruna göndərdilər, o isə Toğrulun cəsədini dəvənin üstündə görüncə gözlərinə inanmadı, səcdəyə düşüb şükür etdi. Nəhayət, Toğrulun başını kəsdirib Bağdad xəlifəsi Nəsiraddinbillaha göndərdi, meyitin özünü isə Bazar meydanında dar ağacından asdırdı. Bu vəziyyəti görən məşhur şair Fazili Toğrulun ölümünə yazdığı bir rübaisində deyirdi: Imruz, Şəha, zəmaneyi-diltəngist, Firuzeyi-dəhr, hər zəman barəngist, Dey ədsəri-tö ta befələk yek kəz bud Imruz zisəri-ta bədənəş fərsəngist. Müharibədə Sultan Toğrulun vəziri və nədimi Kəmaləddin şair də əsir götürülmüşdü. Onu Sultan Təkişin vəziri Nizamülmülk Məsudun yanına gətirdikdə Nizamülmülk dedi: – Sənin mədh etdiyin, əzəmət və qüvvətinə dair böyük kitablar yazdığın qəhrəman Toğrul bu imiş?! O, Sultanın qoşununun qarşısında bir saat da olsa davam edə bilmədi. * * * Kaman Nüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı. Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı. Xarəzm şahı Sultan Təkiş, son zamanlar Qütlüğ İnancla bağladığı müqaviləyə əməl etməyə bilərdi. Çünki Çingiz xanın zühuru xəbəri Orta və Yaxın Şərqi bir-birinə vurmuşdu. Şərq hökumətləri məmləkətlərinin hüdudlarını genişləndirməklə yox, möhkəm etməklə məşğul olurdular. Artıq məmləkətlərin sərhədləri hər ay başında dəyişmirdi. Buna görə də Azərbaycan və onun qoşunları, məmləkətlərini bərpa etməyə, xarabalıqları düzəltməyə və yığılmış mədəniyyəti yenidən qurmağa başlamışdılar. Hazırda Nüsrətəddin özünü ən xoşbəxt bir hökmdar hesab edirdi. O xalqı sevir, xalq da onu sevirdi. Bütün Azərbaycan xalqı: “Hökmdarımız yabançı deyil, öz bacımız oğludur! – deyə fəxr edirdi. Nüsrətəddini ikinci bir xoşbəxtlik də istiqbal edirdi. Onun gənc mələkəsi gözəl Təliə ikicanlı idi, yaxın günlərdə doğacaq idi. Təbriz isti olduğuna görə hökmdar öz ailəsi ilə Ucan yaylasına köçmüşdü. Axşam idi, hökmdar öz gənc mələkəsi ilə Eldəniz qəsrinin uca balkonunda oturub Səhənd dağından tökülərək yaşıl bağçalıqların qoynuna girən həyəcanlı suların səsini dinləyirdi. Təliə bu zəngin mənzərəni bir neçə dəqiqə gözdən keçirərək: – Təbiət nə gözəl şeydir! – dedi. – Dünyada xoşbəxt yaşayaraq bu təbiətə bol-bol baxmaqdan da qiymətli bir şey vardırmı?! Hökmdar gənc qadının cavabında: – Təbiəti gözəlləşdirən bir çox şeylər vardır. Onların birisi də sənsən, mənim gözəl qadınım! Mənim xoşbəxtliyimin qiymətli dəqiqələri sənin gözlərinə baxdığım dəqiqələrdir. Yaxın günlərdə sən mənim xoşbəxt sarayıma bir dəstə çiçək də əlavə edəcəksən. Eldəniz xanədanının davamı sənin mənə hədiyyə verdiyin o çiçəklə başlanacaqdır. Hökmdarın bu sözlərindən sonra gənc Təliə dodaqlarını hökmdarın dodaqlarına yaxınlaşdırmaq istərkən diksindi və yıxılmaq istərkən, hökmdar onu tutub qolları arasına aldı. Gənc Təlienin boğazına sancılan oxu qabaqdan çəkib çıxarmaq mümkün olmadı. Daldan çəkib çıxardılar. O danışa bilmədi, bir kərə gözlərini açıb hökmdarın üzünə baxıb ağladı və gözlərini həmişəlik olaraq yumdu. Hökmdar bir kərə ah çəkərək: – Görəsən dünyada məndən də bədbəxt bir adam vardırmı?! – dedi. Hökmdar Ucan yaylasının mühasirəyə alınması və heç bir kəsin kənara buraxılmamasına əmr verdi. Saray bir-birinə dəymişdi. Hökmdar, Təlienin başını qolları arasına alıb ağlayır və ancaq: – Təliə, bir daha gözlərini açıb mənə bax! – deyirdi. Qoşun dəstələri Ucan yaylasının altını üstünə çevirdilər, heç bir kəsi ələ keçirə bilmədilər. Bir çoxları bu oxun bir düşmən tərəfindən atıldığını zənn edirdi. Onun təsadüfi bir ox olduğunu qeyd edənlər də var idi. Hər nə səbəb olursa olsun, Təlienin bu faciənə ölümünü hökmdar bir an da olsa unuda bilmirdi. O, yalnız cümə axşamları deyil, hər gün Təlieni xatırladığı zaman, Sürxab qəbiristanına gəlib bir neçə saat Təlienin qəbri yanında oturub ağlayır və dərdinin çəkilməz bir dərd olduğunu qəbir daşına danışıb evə qayıdırdı. Payızın soyuqları başlamışdı, qar yağışla bərabər yağırdı. Hökmdar sarayın pəncərəsində oturub bağçaya baxırdı. Təbrizin üfüqləri hökmdarın qəlbi qədər kədərli idi. Yuxarıdan ağacların üzərinə düşən hər damcı, bir yarpağı qoparıb yerə salırdı. Qanadları islanmış bülbül-lər qardan və yağışdan qorunmaq üçün o budaqdan bu biri budağa qaçırdılar. Pəncərənin qabağındakı ağacda qalmış heyvalar bir hicran xəstəsinin çöhrəsi kimi baxanları kədərləndirirdi. Hökmdar daima payız havasından məmnun qalmazdı, o bu kimi havalarda özü üçün bir məşğuliyyət axtarardı. O, birdən-birə heç bir tərəfə dönmədən səsləndi: – Təliə, dur gətir “Şərəfnamə”dən mənim üçün hind qızının dastanını oxu! – dedi və Təlienin öldüyünü xatırlayaraq hönkür-hönkür ağladı. * * * Xidmətçilər silahlandılar, hökmdarın yanınca qəbiristana tərəf yola başladılar. Qaranlıq düşürdü. Küçələrdə heç bir kəs yox idi. Onlar söyüd ağaclarının altı ilə keçib Sürxab qəbiristanına girdilər. Qəbiristanın üməra dəfn edilən tərəfinə getdilər. Yenə xidmətçilər adətləri üzrə kənarda durdular, hökmdar isə Təlienin məqbərəsinə daxil olub onu salamladı, hər gündə olduğu kimi onun kefini soruşdu və “mənim körpəm necədir?” – deyərək şiddətlə ağladı. Sonra da Təlienin sevdiyi çinli kənizin dastanını oxumağa başladı. Hökmdar adət etdiyi nümayişlərin hamısını həyata keçirdi, son adət isə, ağladıqdan, danışdıqdan, Təlienin körpəsinin kefini xəbər aldıqdan sonra yarım saat qədər oturub qəbrə baxmaqdan ibarət idi. Çünki daima Təliə yatdığı zaman hökmdar onun yatağının yanında oturub ona tamaşa etməyi sevərdi. Hökmdar sakit oturub qəbrə baxırdı, lakin gözlərini yummuşdu, o, xəyalında Təlienin torpaq altında yatdığını görürdü. Onun qulağı bir səs eşitdi. Bu, qarşıdakı məqbərədən eşidilən bir kişi səsi idi, o ağlayır və üzərinə yıxıldığı qəbir ilə danışırdı: – Sən məni xoşbəxt etmək üçün öz həyatını qurban verdin. Lakin mən hazırda dünyanın ən bədbəxt bir adamıyam. Vaxtilə mən böyük bir məmləkətə sığışmırdım, indi isə gecələmək üçün isti bir bucaq tapa bilmirəm. Mehriban ana, aç qollarını məni qucaqla! Artıq həyat mənim üçün ölümdən acıdır. Hökmdar başını qaldırıb səs gələn tərəfə baxdı. Səs gələn məqbərənin qapısında aşağıdakı yazıları oxudu: “Haza qəbri Qətibə bintü Əmir İnanc”. Hökmdarın dünyası dəyişdi, öz-özünə sual verdi: “Əcəba, Qətibənin qəbrində bu sözləri kim danışa bilər?! Onun Qütlüğdən başqa bir oğlu vardırmı?” Hökmdar bunları dedikdən sonra məqbərəyə tərəf irəlilədi, Qətibənin məqbərəsinə girdi, qəbrin üstündə zəif, üstü-başı tökülmüş və baş-gözünü tük basmış çox çirkli bir adam gördü. O həm ağlayır, həm də soyuqdan titrəyirdi. Hökmdar ona çox diqqətlə baxdı, o başını qaldırıb hökmdarı gördüyü zaman həyəcanla yerindən qalxdı və titrək bir səslə soruşdu: – Məni öldürməyəmi gəldin?! – O, qəti bir vəziyyət alaraq dedi: – Bir zaman mən dirilik üçün bir çoxlarının diriliyini əlindən aldım, indi isə ölüm tələb edirəm: öldür məni! Hökmdar qardaşını tanıdı, başını aşağı salıb yavaşdan: – Qardaşımsan, birinci kərə müharibə meydanında, ikinci kərə qəbiristanda görüşdük! – dedi. Hökmdar bu sözləri deyib məqbərədən çıxdı və xidmətçiləri çağırıb: – O məqbərədə duran adamı götürüb saraya gətirin – dedi və saraya qayıtdı. Gecə saat on ikidə xidmətçini çağırıb məqbərədən gətirilən adamın hüzuruna gətirməsinə əmr etdi. Hökmdar düşünürdü. İllərdən bəri hökmdarlıq arzusu ilə bütün məmləkəti rahatsız edən, minlərlə qanların tökülməsinə səbəb olan, hətta onun sevimli Təliəsini məhv edən Qütlüğ İnanc onun əlinə düşmüşdü. Düşünürdü, onunla nə cür rəftar etmək barəsində düşünürdü. Qütlüğ İnancı gətirdilər. Hökmdar onu başından ayağına qədər diqqətlə gözdən keçirdi və fikirli bir tövr alaraq: – Otur, otur, pəhləvan, ayaq üstündə durma! – dedi. Qütlüğ İnanc oturdu, gözlərini hökmdarın ağzına dirəyib nə deyəcəyini gözləyirdi. Nəhayət, hökmdar ona sual verdi: – Nə üçün Təbrizə gəldin? – Rica edirəm istintaq uzun çəkməsin, nəticədə mənim cani və təqsirkar olduğum meydana çıxacaqdır. Əmr edin mənim cəzamı versinlər, başıma gələnləri danışmağa taqətim yoxdur, xəstəyəm, həm də... Hökmdar onun ac olduğunu anladı və sual verdi: – Acsanmı? – Acam, neçə gündür ki, sudan başqa dilimə bir şey dəyməmişdir. – Nə üçün yeməmişsən? – Özümdə bir şey yoxdu, dilənməyi isə şərəfimə sığışdıra bilmədim. Qoy tarixdə deməsinlər ki, Cahan pəhləvanın oğlu bir qarın çörəkdən ötrü qapı-qapı gəzib dilənirdi. Hökmdar bu sözdən sonra hönkür-hönkür ağladı və xidmətçiyə əmr verdi: – Yemək gətirin! Şam yeməyini bir yerdə yemək istəyirm. Hökmdar Qütlüğü danışdırmırdı. Onun taqətsiz olduğunu hiss edirdi. Yemək süfrəsini saldılar, cariyələr içəri girib xidmət etməyə başladılar. Hökmdar əvvəlcə özü süfrənin başına gələrək Qütlüğü səslədi: – Süfrənin başına gəl. Sən hər nə olursan ol, yenə də Eldəniz xanədanının üzvlərindənsən. Bu süfrə sənin üçün yabançı süfrəsi deyil, bu mirasda sənin haqqın vardır, – dedi. Qütlüğ İnanc süfrənin başına gəlib bir qədər yedi və yenə də çəkilib bir tərəfdə oturdu. Hökmdar süfrədən çəkildi və Qütlüğə müraciətlə: – İndi danış görüm! – dedi. Qütlüğ söhbətə başlayaraq başına gələnləri danışdı: – Xarəzmşah Əlaəddin Təkiş və İraq məmləkətlərinə sahibləndikdən sonra öz müqaviləsinə əməl etmədi. Mən son dəfə Qəzvin altında məğlub olub çəkiləndən sonra acıqlandı və dedi: mənim Azərbaycan sərhədlərində qırdırmaq üçün artıq adamlarım yoxdur! Mənim sarayda qalıb əlverişli bir zaman gözləməyimi təklif etdi. Yalnız mənə deyil, ümumiyyətlə Sultan Təkiş sarayında yaşayanlara hörmət qoyulmurdu, çünki bizim kimi adamları müəyyən bir zamanda istifadə etmək üçün sarayda yedirib saxlayırdılar. Lakin Çingiz xanın Orta Asiyada görünməsi Sultan Təkişin təzə məmləkətlər əldə etmək fikirlərini darmadağın etdi. Zənnimcə, buna görə də Sultan Təkiş istifadə üçün sarayda saxladığı bir çox adamları saraydan çıxarıb xüsusi binalarda və karvansaraların hücrələrində yerləşdirdi. Bu kimi adamların yaşaması üçün buraxılan təxsisat çox az idi. Başqalarına nisbət mənim vəziyyətim olduqca çətin idi. Çünki mənim himayəmdə bir çox adamlar da var idi. Onları da yaşatmaq lazım idi. Son zamanlar sultan tərəfindən bizə buraxılan təxsisatı kəsdilər. Yaşadığımız binaların kirayəsini hökumət öz öhdəsindən atdı. Nəhayət, biz öz şeylərimizi satıb yaşamağa məcbur olduq. Mən bir neçə ayın içərisində tamamilə yoxsullaşdım, himayəmdə olanların da hər biri dağılıb bir tərəfə getdi. Mən özüm də uzun müddət o şəhərdən bu şəhərə köçdüm. Mərvdə, Nişapurda, Cacərm və Bəstamda illər uzunu səfil və sərgərdan dolaşdım. Nəhayət, bir daha öz iqbalımı sınamaq üçün Azərbaycana qayıtdım. Böyük ordular və minlərcə məncəniqlər gücünə ala bilmədiyim məmləkəti üzərinə tək başıma gəlməyə qərar verdim. Silah olaraq bir kamanım, tək bircə dənə də oxum qalmışdı. Son ümidim o kamana gəlirdi. Onu satmadım, çünki o kamanı rəhmətlik atam öz əli ilə mənim çiynimə salmışdı. Haman kamanla haman oxu götürüb Təbrizə gəldim. O oxu sənə atmağa and içmişdim. Səni Təbrizdə tapmadım. Ucan yaylasına gəldim. Sənin yaşadığın qəsrin qabağındakı xarabada gecələdim. Sənin hər axşam köşkdə oturub Səhənd dağlarına tamaşa etdiyini öyrəndim. Kamanı düzəldib özümlə bərabər gətirdim, son oxumu sənə atdım, lakin bədbəxtənə öz bədbəxt xalamı məhv etdim. Hökmdar onun sözünü kəsərək: – Xalanı məhv etdin, eyni zamanda məni də məhv etdin! – dedikdə, Qütlüğ: – Sən də məni məhv et. Rica edirəm məni bu səfil həyatın əlindən qurtar. Mən çoxlarını öldürmüşəm, ölümü asan bilirdim, lakin özümü öldürmək üçün cəsarətim çatmır. Hökmdar bir az düşündükdən sonra: – Səni iki səbəbə görə öldürməyəcəyəm, – dedi. – Əvvəla, səni hazırkı zamanda öldürmək, sənə yaxşılıq etməkdir. Sən bu yaxşılığa layiq deyilsən. İkincisi də, hökmdarlıq tarixində adımın qardaş qatili yazılmasını istəmirəm. İndi de görüm, səni Təbrizdə, kim evində saxlayırdı? – Mən heç kəsin evində yaşamırdım, gecələri məqbərədə anamın qəbrində yaşayırdım. – Kamanı kimə tapşırmısan? Onu satdınmı? – Xeyr, satmamışam. Məqbərənin bir bucağında basdırmışam. Hökmdar xidmətçiləri çağırıb əmr verdi: – Bu sat gedib Qətibə xatunun məqbərəsində bucaqda torpağa basdırılmış kamanı tapıb bura gətirin. Xidmətçilər getdilər. Hökmdar Qütlüğə tərəf dönüb dedi: – Səni Ələnciq qalasına göndərəcəyəm. Orası Sultan Təkişlərin sarayında daha şərəflidir. Çünki orası zindan olsa da, öz vətənindir. Vətənin zindanı isə yabançıların sarayından şərəflidir. Qütlüğ daha danışmadı. Başını aşağı salıb əllərinə baxmağa başladı. Kamanı gətirdilər, hökmdar alıb onun üstündəki yazını oxudu: “Cahan pəhləvandan oğlu Qütlüğə yadigar. Ox və kamanın qüvvəti qəlbin qüvvətindən asılıdır. Mehriban oğlum, bu kamanı dostuna yox, düşmənin qarşı işlətməlisən”. Hökmdar kamanın üzərindəki yazını oxuyandan sonra Qütlüğə sual verdi: – Sən atanın bu vəsiyyətinə sadiq qaldınmı? – Xeyr, sadiq qalmadım. Mən hazırda onu gəzdirməyə səlahiyyətdar deyiləm. * * * 1140–1225 Nüsrətəddin Əbubəkr öz sevimli qadını Təlienin ölümündən sonra məmləkətin idarəsini öz vəzirlərinə buraxıb sərxoşluğa başladı. O, bütün vaxtını şərab süfrəsinin başında və qadınının məqbərəsində keçirirdi. Buna görə də Azərbaycan məmləkətinin hüdudu get-gedə kiçilir və düşmənlər hər gün bir şəhəri alırdılar. Nüsrətəddinin şöhrət və pəhləvanlığı şərab və sərxoşluq çuxurlarında çürüdüyü zaman, Azərbaycan məmləkəti əleyhinə Şərqdə təzə bir ittifaq düzəlirdi. Marağa hakimi Qara Sunqar və Ərdəbil hakimi Müzəffərəddin ittifaq bağlamaqla Azərbaycanı işğal etməyə qərar vermişdilər. Artıq Nüsrətəddini nə qılınc, nə də qələm məsləhətləri ilə müdafiə edənlər var idi. Fəxrəddin və Əlaəddinlərin qılıncları qınında paslandığı kimi, böyük Nizami də gözlərini əbədi olaraq yummuşdu. Aran və Qarabağ atlarının kişnəmələri eşidilmirdi. Bağdad və Xarəzmi titrədən səslər Gəncə qəbiristanının torpaqları altında yatırdı. Qara Sunqarla Ərdəbil hakimi Müzəffərəddinin orduları hücuma keçdiyi zaman Nüsrətəddin Həmədan hakimi Aydoğmuşun adına bir məktub göndərib ondan kömək istədi. Lakin vaxtilə Eldənizin köləsi olan bu zat Azərbaycana kömək vermək istəmədi. Nəhayət, Nüsrətəddin ona ikinci bir məktub yazıb yalvardı: “Hazırda yabançılar mənim məmləkətimi qapmağa başlamışdır. Belə bir gündə mənə kömək verməmək, qədim hüquqları tapdamaq deməkdir, siz gərək babamın haqqınızda etdiyi yaxşılıqlarını unutmayasınız”. Nüsrətəddinin bu məktubundan sonra Aydoğmuş Marağa hakimi Qara Sunqara və Ərdəbil hakimi Müzəffərəddinə təhdid məktubları yazdı. Ərdəbil hakimi Müzəffərəddin bu məktubdan sonra qoşunlarını geri çağırdı. Qara Sunqar isə Aydoğmuşun məktubunu nəzərə almayaraq hücumunda davam edirdi. Buna görə də Aydoğmuş ilə Əbubəkr Nüsrətəddin birləşərək Qara Sunqarı Marağa altında sıxışdırdılar. Lakin Nüsrətəddin Azərbaycanın köhnə hüdudlarını əldə edə bilmədi. Yalnız Qara Sunqar öldükdən sonra Nüsrətəddin Marağa və Ravanduzdan başqa bütün qalaları əlinə aldı. Lakin o, yenə də öz sərxoşluğunda davam edirdi. O, Gürcüstan kralının gözəl qızına evlənəndən sonra da piyaləni əlinə aldığı zaman “Təliə, Təliə!” deyərək ağlayırdı. Nəhayət, xəyal xəstəliyinə tutularaq öldü və yerini kiçik qardaşı Özbəyə tapşırdı. Özbəyin səltənət sürdüyü günlər Azərbaycanın ən qarışıqlıq və harc-mərclik keçirdiyi zamanlara təsadüf edirdi. Çünki Özbəyin siyasət səhnəsinə çıxdığı zamanlar, Şərqdə Cəlaləddin Xarəzmşah kimi cahangir bir hökmdar aralığa çıxmışdı. Cəlaləddin öz məmləkətini Orta Şərq hesabına olaraq genişləndirə bilmirdi. Çünki Çingiz xan Orta Şərq ölkələrini bir-birinin dalınca işğal edirdi. Odur ki, Cəlaləddin üzünü Gürcüstan və Azərbaycana tərəf çevirmişdi. Təbriz alınandan sonra Özbək az bir qüvvətlə Gəncəyə çəkildi. O aranlıları öz ətrafında səfərbər etmək üçün Fəxrəddinin qəbrinə bir dəstə gül qoyaraq: – Əziz dayım, əzəmət və böyüklüyümüz səninlə bərabər torpağa basdırıldı. Aranlılara əmr et, qoy öz bacıları oğlunu müdafiə etsinlər, – deyirdi. Lakin Özbəyin hökumətini müdafiə etmək mümkün deyildi. Çünki Cəlaləddinin orduları Tiflisi qarət etdikdən sonra Aran tərəflərinə hücum etməyə hazırlaşırdı. Cəlaləddin Özbəyin mətanətini qırmaq və ruhunu düşürmək üçün yazdığı məktubunda deyirdi: “Sənin iki yolun vardır: onlardan birisi təslim, ikincisi intihardır. Təslim olmasan belə intihar etməyə məcbur olacaqsan, çünki sevimli qadının Mehricahan xanımla evlənmişəm. Bu günlərdə onunla bərabər Gəncəyə gəlib toyu sənin öz iştirakınla başlayacağam”. Bu məktubdan bir neçə gün sonra Cəlaləddin Gəncəni işğal etdi. Özbəyi əsir götürdülər. Cəlaləddin Gəncəyə girdiyinin ikinci günü təntənəli bir ziyafət təşkil etdirdi və Özbəyin hüzura gətirilməsinə əmr verdi. Ziyafət məclisinin yuxarı başında iki taxt qurulmuşdu. Taxtın birisində Cəlaləddin, ikincisində də onun qadını Mehricahan xanım oturmuşdu. Özbək öz qadını Mehricahan xanımı görməmək üçün başını aşağı salmışdı. Heç bir tərəfə baxmaq istəmirdi. Onu taxtın qarşısında ayaq üstündə saxlamışdılar. Cəlaləddin ona müraciət edərək dedi: – Səni ata-babanın günahları üçün cəzalandırmıram, ancaq öz təqsirlərin üçün cəzalandıracağam. Sən mənim atamın sağlığında Xarəzmin himayəsini qəbul etmişdin. De görüm, hansı bir qüsurum səbəbinə himayəmdən çıxıb üsyan etdin?! Ona görə də mən bu saatdan etibarən Eldəniz xanədanı dövrünə nəhayət verəcəyəm. Xanədanınızdan qalan körpələrinizə qədər məhv edəcəyəm. Cəlaləddin bu sözlərdən sonra cəlladı çağırıb Özbəyin boynunun vurulmasını əmr etdi. Lakin Mehricahan xanım ağlayıb Cəlaləddinə yalvardı, onu öldürməməsini rica etdi. Cəlaləddin Mehricahan xanımın ricasını qəbul edərək, vəzirinə əmr verdi: – Özbəyi ömürlük Ələnciq qalasına göndərin!.. * * * Ələnciq qalasında iki qoca əsir bir-birinə acı sərgüzəştlərini nəql edəndən sonra, qocalardan biri hönkür-hönkür ağlayaraq: – Bədbəxt qoca! Sənin qarşında oturan həmin bədbəxt Özbəkdir, – dedikdə o biri qoca da qollarını qarşısındakının boynuna salaraq üzündən öpdü və dedi: – Bədbəxt qardaşım! Sənin qarşında oturan da qardaşın Qütlüğdür. Otuz ildən bəri canavar kimi bu daş mağaralarda yaşamaqdan saçlarım ağardı. Özbəklə Qütlüğ bir daha qucaqlaşıb öpüşdülər, onların həftələrdən bəri bir-birinə danışdıqları dastan burada bitdi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-qilinc-ve-qelem-ii İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.