Satirik şe’rlər Məmməd Səid Ordubadi (1872–1950) «Kefsiz»ə nəzirə Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın, Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın. Heyvandan əzəl yağlıca buryanı yaratdın, Ondan sora da dadlı fisinçanı yaratdın, Aşı, cilovu, bozbaşı, dolmanı yaratdın, Bozqorma ilə küftəni, şorbanı yaratdın, Xər mə’müni, biəql müsəlmanı yaratdın, Bir hikməti var məscidi, ehsanı yaratdın, Ancaq nə səbəb oldu ki, mollanı yaratdın? Varsa yer üzündə neçə məzhəb, neçə millət, Hər firqəyə təqsim elədin bir neçə ne’mət, Qoydun belə təqsimdə insanlara minnət, Heyfa ki, bütün müftəxor oldu bizə qismət, Mollalaramı ruzi yaranmışdı bu ümmət? Kəşf olmayacaq bizlərə bu qəmli həqiqət? Çox yaxşı, sözüm yox, var imiş bunda bir hikmət, Aya, niyə bəs bir bu qədər canı yaratdın? Ancaq nə səbəb oldu ki, mollanı yaratdın? Təzvirə girən qırmızı saqqalları, rəbba! Mən anlamam insan yaradıbsanmı, həyula? Biməğzdür, aludeyi-bid’ətdi sərupa, İnsaf idi min rənc ilə kəsb eyləsin aya? Gün qarşısı, qar altı da olsa yata, amma, İnsanlığını qanmaya, maltək çəkə xorna, Düşdükcə qazandıqlarını əxz edə molla? Ağbaşlara eşşəkmi müsəlmanı yaratdın? Ancaq nə səbəb oldu ki, mollanı yaratdın? Hər gün verilir yağə müsəlman pulu kuya, Kim etməli imiş yağımız nimçəni əsqa, Xan-bəy buyura, sail ola əhli-tamaşa, Bir yanda tənavvul eliyə həzrəti-molla, Dərviş-dilənçi, hamı biruh-müqəvva, Daş olsa ürək tab eləməz bu işə haşa, Ey mollanı ağbaş yaradan xaliqi-yekta, Cib kəsmək üçünmü bu qədər canı yaratdın? Bilməm nə səbəb oldu ki, mollanı yaratdın? * * * İnsan yaradıbsan Ya rəb, sənə min şükr ki, insan yaradıbsan! İnsanları, rəbba, əcəb əlvan yaradıbsan! Məxluqini həp qabili-ürfan yaradıbsan, Heyfa ki, müsəlmanı yalandan yaradıbsan, Qırxıx başı xilqətdə pərişan yaradıbsan. İnsan kimi hər millət edir kəsbi-məişət, Əğyarə tamaşaçı yaranmışla bu millət? Səhrayi-zəlalətdə çəkən bari-məlalət, Həqqa ki, bizi quli-biyaban yaradıbsan, Surətdə bəşər, mə’nidə heyvan yaradıbsan. Xəlq eyləmisən əsrdə bir bunca ki, «dama», Hər yana baxırsan doludur Varvara, Manya, Ninalara islam ola dildadeyi-sevda, Qəm çəkməyəmi Töhfə, Tükəzban yaradıbsan? Bostanamı Saranı nikəhban yaradıbsan? Quçsun kişisi hər gecə bir sərvi-xuraman, Biçarə əyalı qala ac, xanədə giryan, Çılpaq gəzə, evsiz qala, risvay ola nisvan, Rəngi saralan surəti-bican yaradıbsan? Nisvana cahan mülkünü zindan yaradıbsan? * * * Ramazan münasibəti ilə Gəlcək ramazan tazələnir köhnə şəriət, Ağzın qapayıb millət alır və’dəyi-cənnət, Vaiz pul alır, huri olur baqqala övrət, Bəh-bəh, belə din, boylə şəriət, belə qeyrət! Məşdi papiros çəkməmiş, əzbəs ki, səhərdən, Əf-əf səsi əflakə uruc etdi şəhərdən, Qəssab ilə baqqal ki, görür yolçunu hərdən, Bığları dönür tərsə, çıxır xətti-təhərdən. Hər yerdə fisincan qoxusu, məclisi-ehsan, Bol süfrələrin ne’məti əlvanu füravan, Hər yan eşidilməkdə ikən ayəyi-qur’an, Ancaq eşidilməz yenə fəryadi-yetiman. * * * Ramazan, Novruz və Məhərrəm Hər rəngə desən girməyə amadəyik, əl’an, Üç rəngə girər ildə bu qayilçə müsəlman: Novruzu piyan, bir ay oruc, bir ay əzaxan, Başqa işə, ən doğrusu, qafil yaranıbdır, Baş yarmağa, aç qalmağa qabil yaranıbdır. Allaha dönər hər gecə mahi-ramazanda, Əyyami-məhərrəm quzutək ahu fəğanda, Düşsə üsəra əllərinə leyk dukanda, Onları da lüt qoymağa mail yaranıbdır, Yox çarə, fəqət bu işə qabil yaranıbdır. Novruzi-səfa, mahi-əza, vəqti-müsibət, Mahi-ramazanın özü də bizlərə ne’mət, Dukandakı qarət də ki, bir kəsbi-məişət, Bu dörd işə mö’min kişi amil yaranıbdır, Elmi bu qədərdir, buna qabil yaranıbdır. * * * A molla Çıxdı ramazan, çıxdı sənin canın, a molla, Başlandı sənin şami-qəribanın, a molla. Gül başına, ağla, qapanır məclisi-ehsan, Getdi işinə bəxti, günü qarə müsəlman; Pulların alıb, vermiş idin və’dəyi-rizvan, Getdi, yenə qaldı sənə rizvanın, a molla, Söylə, nə girib kisəsinə anın, a molla? Mən bilmirəm axır necə bir yerdi bu cənnət, Olmuş sizə yaramarka kimi cayi-ticarət? Huriləri verdin hələ mö’minlərə övrət, Bəs söylə nə lazımdı bu qılmanın, a molla? Əqli irişirmi bura insanın, a molla? Çıxdı əliniz bir neçə ay yağlı pulovdan, Qəm çəkmə, əyər düşdüsə işdən bu dəyirman, Olmaz sənə siğə daha nisvani-müsəlman, Düşməz toruna Fatma, Tükəzbanın, a molla, Qalsın özünə hərzəvü-hədyanın, a molla. Bu ayda şikəm mülkünü tə’mirə çalışdın, Mö’minləri hər ləhzədə təqdirə çalışdın, Pul vermiyəni hər gecə təkfirə çalışdın, Sordun zəli tək sən hamının qanın, a molla, Aldın canını xəstə müsəlmanın, a molla. * * * Məhərrəmdə atanın oğluna vəsiyyəti Zəncirini hazırla, oğul, durma, dayanma, Yar başını, vur sinənə, insanlığı qanma. Vur başına, tək göz yaşı, ürfanə nə hacət, Qalmış babamızdan bizə bu sevgili adət, Bu mətləbə şəkk eyləyənin zatına lə’nət, Cəhd eylə cəhənnəmdə, əzizim, oda yanma, Hər nə bacarırsan elə, vur başa, yubanma. Meymun kimi şıllaqla, qoy aləm sənə gülsün, Baxsın sənə qızlar, adına təbl vurulsun, Hər küçədə, cəhd eylə, şəbihxanə qurulsun, Bu mətləbi hərgiz quru bir məs’ələ sanma, Kafir sözünə uyma, boş əfkarə bulanma. * * * Bir söylə görüm... Bir söylə görüm məktəbi-irfan nəyə lazım? Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım? Millətdə nə lazım, de görüm, fənni-sənaət, Şeytan əməlin bilsə atar dini cəmaət, Get bağla həna xəttinə həmmamdə rahət, Xəttində həna olmasa insan nəyə lazım? Saqqalı qızarmazsa müsəlman nəyə lazım? Məktəb nədi, qoy seyri-səfa eyləsin oğlun, Vel-vel dolanıb, nəşvü nüma eyləsin oğlun, Düşdükcə yeri səfki-dima eyləsin oğlun, Ayda çocuğun etməsə bir qan, nəyə lazım? Asudə yeri olmasa zindan, nəyə lazım? Xaliq sənə bəxş eyləsə hər bir qız əyali, Qoyma onu təhsili-ədəbdən ola hali, Cəhd et, özünə kəsb eləmə vizrü vəbali Nisvanda ədəb, məktəbi-nisvan nəyə lazım? Biçarə qadın olmasa heyvan, nəyə lazım? Övladına tə’lim elə qızlıqdan əsarət, Tab etsin ərindən nə qədər çəksə həqarət, Çal başına çıxsın gözü ta eyləsin adət, Qız taifəsi xürrəmü xəndan nəyə lazım? Məzlumə qızın olmasa giryan nəyə lazım? Arvad odu ki, ömr edə zindan arasında, Tutsa qəzəbin tapda özün də, balasın da, Söy taifəsin də, atasın da, anasın da, Vur ağzına düşsün yerə dəndan, nəyə lazım? Yol zülfünü, ol zülfi-pərişan nəyə lazım! * * * Köhnə dünyanın şirləri Səd şükr ki, biz ziynəti-tarixi-cahanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Bir künci fərağətdə yatıb naz ilə rahət, Daim qılarız şöhrəti-tarixə kifayət, Axırda dirildər bizi ol əski səlabət, Yatmaqla cahan əhlinə biz lərzərəsanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Tərpənmə yerindən, hərəkət etsə də aləm, Laylayları məsciddə gedib dinlə dəmadəm, Məşhər günü görsə üzünü həzrəti-Adəm, Görsün bizi Həvva necə doğmuşsa hamanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Bu əsri-xətərnakdə cəhd elə fəqir ol, At şöhrəti, namusu, ayağlan da həqir ol, Salsınlar qapaz başına ol qədri kəsir ol, Tab eyləriz hər zillətü təhqirə, cavanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Açma gözünü, ləfzi-siyasət nədi qanma! Hər kəs desə sən məhv olacaqsan, heç inanma! Laqeyd dolan dəhrdə heç fikrə bulanma! Fikr etmə acız, cümləmiz aludeyi-nanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Məktəb adını çəksələr hər yerdə, oturma! Tik gözlərini vaizə, kiprik belə vurma! Molla evi olsun yerin, öldürsələr durma! Zira buradan azimi-gülzari-cinanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! * * * Bir nəfər adam öldürənin ziyarəti münasibəti ilə Məşdi keçən il əzmi-Xorasan eləmişdi, Xalqı bu gözəl karına heyran eləmişdi. Saldıqda yola məşdini söylərdi camaət, Xaliq nə əcəb etdi bu xoşbaxtı hidayət? Əhsən, kişi oğlu eləmiş əzmi ziyarət, Pasportun alıb niyyətin İran eləmişdi. Şad oldu bu ə’malına ərvahi-güzəştə, Şən’ü-şərəfü feyz ilə yol tapdı behiştə, Cənnətdə quçur hər biri bir nazlı fəriştə, Xidmətçilərin hurivu-qılman eləmişdi. Həmməsləki, həmfikri idi əhli-nifağın, Bir çoxlarının yıxdılar zülm ilə tifağın, Doldurmuş idi xuni-fəğiranla çanağın. Hərdən yanılıb bir iki də qan eləmişdi. Meyxanədə nuş eylər idi badeyi-səhba, İsqandalına eylər idi xalq tamaşa, Bir şir idi, xof etməz idi şirdən əsla, Bə’zən də içib şəhrdə tufan eləmişdi. Bir çoxlarını hali-təbah eylədi məşdi, Yıxdı evini, xanə-xarab eylədi məşdi, Əfv etdi xuda hər nə günah eylədi məşdi, Çıxdı yadımızdan nə ki, üsyan eləmişdi. * * * Gap Birdən-birə dünyaya böyük ğülğülə düşdü, Bu ğülğülədən ali-Roman müşkülə düşdü. İnsafına, vicdanına «lə’nət» bu cahanın, Yıxdı evini zülm ilə övladi-Romanın, Yummuşdular üç yüz sənə ağzın füqəranın, İmdisə bu iş bəs necə dildən-dilə düşdü, Övladi-Roman bax necə bir müşkülə düşdü! Rusiyyədə üç yüz sənə bir amiri-mütləq, Birdən-birə başı gicəlib vurdu məəllaq, İnsaf idi, ayə, pozula bir belə rövnəq?! Hürriyyət olub da «dayımız» əngələ düşdü, Bilməm bu nasıl atəş imiş məş’ələ düşdü?! Saxlardı məhəbbətlə bizi əski hökumət, Doxsan sənə qoymuşdu əsarət bizi rahət, Viranlığı cahililə sanırdıq mədəniyyət, Heyvan kimi əfsarimiz əldən-ələ düşdü, Çarə nədi, keçmişdə bizimki belə düşdü! Bir parça havavü həvəs olmuşdu hökumət, Şeytanlar ilə həmnəfəs olmuşdu hökumət, Zalimlərə imdadrəs olmuşdu hökumət, Axırda palan əydi, dalından şələ düşdü, Məhv oldu, bizimtək evinə vəlvələ düşdü. Əlhəqq bu hökumət bizi tə’zim eləyirdi, Dinsizliyi, dilsizliyi tə’lim eləyirdi, Həqqin verərək hər kəsi təkrim eləyirdi, İmdisə nədən bəs başımız cəncələ düşdü? Can verdi hökumət sürüşüb məzbələ düşdü?! * * * Məktəb nəyə lazım? Bica söz imiş məktəbi-irfan, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. On bir sənə mən eyləmədim ömrümü zaye, Asudə gəzib kəsb elədim fənni-sənaye, Ariflikimə eylədim insanları qane, Sərf etməmişəm bu iş üçün can, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Bir söylə nə lazım sənə bu fənn, bu sənət, Daim çalışıb verməlisən əyninə zinət, Qoysun «ürəfa» qismi gərək bığlara qiymət, Bığlardı qoyan düşməni heyran, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Hər öz adını yazmağa olmazsa savadın, Çək bığları, qorxma «ürəfa»dır yenə adın, Sən dəhrdə dadın ki, bilirsən iki zadın, Məktəb qutarıb olmusan insan, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Arifliyin hər şərtini qan, eyləmə nöqsan, Heç firqəyə yan vermə, özün olma da insan, Olsun gərək aləmdə proqram sənə qur’an, Ol əsrdə bir tazə müsəlman, səni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Hər kəs nə deyir qoy deyə, sən boşlama karın. Fikrində məbada olasan qeyrətü arın, Var hər əməlin, qaldı fəqət birçə qumarın, Aylarca qumarxanada ver can, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. * * * Olursa! Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti: Vətəndaşlar! Açma gözünü, yüz belə hürriyyət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Bir söylə, nə lazım sənə hürriyyəti-vicdan, Hürriyyəti-vicdan ilə tökməkmi olur qan? Xof etmə halaldır sənə ol xuni-müsəlman, Əqrəb kimi vur nişini hər millət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Hürriyyət ikən zülmdə tüğyan elə, qorxma! Məzlumu əzib hali-pərişan elə, qorxma! Dutsa qəzəbin bir-iki də qan elə, qorxma! Var ləzzəti bir az kişi biqeyrət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Azadəliki sevmə, camaatla uyuşma, Hər ləhzə mücərrəd yaşa, millətlə uyuşma, Cahilliyi sev, məktəbi-sən’ətlə uyuşma, Haşa bu müsəlmanda əgər sən’ət olursa! Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Rəhm eyləmə, zira ki, vəfasızdı camaat, Gördük Nikolaya necə endirdilər zərbət, Bir bax, necə gör can veriyor əski hökumət, Dünyanı yıxar xalqda əgər taqət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Bəy-xanə nə lazım, de görüm, ləfzi-müsavat? Bəysən yeyib-iç, işləmə, rahatca uzan yat, Yoldan çıxarar milləti axırda bu adət, Hürriyyət işi xalqda əgər adət olursa. Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! * * * Ağbaşlar içtimainin qətnaməsi Şükr-lillah almışıq hürriyyəti bundan sora, Saxlamaq bu əski ruhaniyyəti bundan sora. Söyləyək məclisdə cahil xalqa yüz min səfsətə, Azdıraq, yoldan çıxardaq milləti bundan sora. Öskürək, hay-küy salaq, təqrirə meydan verməyək, Açsa hürriyyətdən hər kim söhbəti, bundan sora. Məclisi ürfanda olmaq şanlı hürriyyətpərəst, Məscidü minbərdə qoymaq bid’əti, bundan sora. Mollanın tənbəl yeyib-yatmaq yaranmış şanına, Ölsə də atmaz keçən xasiyyəti bundan sora. Mə’niyi-qur’anı bilməz, anlamaz heç bir sözü, Alim olsun cahil etsin ümməti bundan sora. And içib qur’ana yüz min dəfə sadiq qalmasın, Etməsin islamə doğru xidməti, bundan sora. Bax bu cahil xəlqə istər molladan hürriyyəti, Tazə qılmaq istər əski xilqəti bundan sora. Beldəki şal on bir arşin, başdakı əmmamənin On iki batman gərəkdir siqləti, bundan sora. Oldu hürriyyət, hər ayda altı arvad al boşa, Sal kəməndə gündə bir dul arvadı bundan sora. Qit’ə-qit’ə sat müsəlmana behiştin bağların, Pulların al, boynuna qoy minnəti, bundan sora. Məclisi ehsanidə əks-həmləmizlə bəl edək. Küftəni, şorbanı, bozbaşı, əti, bundan sora. Ağbaşın şənindən yüz il yazsa da Hərdəmxəyal, Ağbaş, Ağbaşdır, dəyişməz hey’əti bundan sora. * * * İran Astarası və Azərbaycan Astarası Ortadan bir çay keçir, olmuş iki yan Astara, Bir yan Azərbaycan, bir səmti İran, Astara. Bir tərəfdə sazlamış Mirzə Ələkbər aşiyan, Hər yerə baxsan, görərsən əski dünyadan nişan, Hər tərəf əmmamə, hər yan molla, hər yan növhəxan, Hər tərəfdə tə’ziyə, hər yerdə əfğan, Astara, Hər tərəfdə arizuyi-vəsli-qılman, Astara. Bir tərəfdə qız-qadın yetməkdə azadiyyətə, Bir tərəfdə Şahnisə pabəstə və’di-cənnətə, Bir tərəfdə səhnələr isbat ikən hürriyyətə, Bir tərəfdə matəmi-şahi-şəhidan, Astara, Gündüz aşura, gecə şami-qəriban, Astara. Xoş tərənnümsaz ikən, bir yanda internasyonal, Bir tərəfdə hilə, təzviru riya, vizrü vəbal, Şahsevən, karvan vuran Mirzə Ələkbər qilü-qal, Gündə bir qarət, xəsarət, gündə bir qan, Astara, Gündə mö’cüz, gündə bir təqlid, bürhan, Astara. Bir tərəfdə oğru-əyri Kərbəla zəvvarıdır, Hər tərəfdə siğə, müt’ə, qız-qadın bazarıdır, Hər tərəfdə birja, hər kəs axirət tüccarıdır, Dinə ambar, məzhəbi-imana dükkan, Astara, Hər tərəfdə molla, xan, sərtibü ə’yan, Astara. Bir tərəfdə məktəbi-təhsili-ürfan parlayır, Bir tərəfdə Kərbəla çavuşu tez-tez çarlayır, Çoxlu dərvişü dilənçi, yolçu zar-zar zarlayır, Kor-keçəl dünyası mə’vayi-yetiman, Astara, Hər tərəf çılpaq, tumançaq, xanəviran, Astara. * * * Tə’ziyə günlərində Səsi artdıqca əza günləri fəryadımızın, Sayı cənnətdə çoxalmaqdadır arvadımızın: Döşəsin xəncəri məxluq keçəl başlarına, Xuni-məqbulu axıtsınla Bakı daşlarına, Hacı qılman diləsin tökdüyü göz yaşlarına, Belədir tövsiyəsi bizlərə ustadımızın. Günbəgün rövnəqə düşsün bu əza məs’ələsi, Şəhri titrətsin əza günləri şeypur səsi, Mövhumat əhli çığırsın gecə batsın nəfəsi, Olmasın qeyrəti bu naxələf övladımızın. Toplayaq bir yerə beş-altıca tüksüz balalar, Hərəsi başına bir qırmızı mə’cər salalar, Məşhədilər baxaraq onlara min həzz alalar, Qüssəsi bəlkə dağılsın dili-naşadımızın. * * * Əvvəl və indi Əvvəl kəbin kəsərdi bir kəllə qəndə molla, Gündə nikah oxurdu dörd-beş həpəndə molla. Qızıl pullar cibində, vardı evində hər zad, Batində əlli siğə, zahirdə dördcə arvad, Qanmazdı xalq, edərdi hər gün bir hoqqa icad, Pul qoymamışdı artıq, əhli-vətəndə molla, Usta Şə’ban xoruldar və’z eləyəndə molla. Əvvəl gələndə kəndə, xalq eyləyərdi pişvaz, Kəklik plov gələndə, həzrət qılardı min naz, Molla görəndə indi, hazırlanır xakəndaz, Hay-küy salar görənlər kəndə girəndə molla, Seylərlə: — qoyma gəldi, — hardan keçəndə molla, Də’vət edən tapılmaz hər gün nahara, şamə, Moddan çıxıb əbamız, işdən düşüb əmmamə, Evdə gecə düzərdim, arvadları nizamə, İndi gülür camaat, vək-vək deyəndə molla, Gündə nikah oxurdu, dörd-beş həpəndə molla. Artdıqca elmü ürfan, dindən çıxır müsəlman, Erkəkləri cəhənnəm, nadanlaşıbdı nisvan, Çıxcaq jenatdel, olmuş ovqatımız pərişan, Qoymaz ki, fürsət etsin, təzvirü fəndə molla, Kəssin kəbin əqəllən, dörd-beş həpəndə molla. * * * «Molla Nəsrəddin» təyyarəsi İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər, İşləyib öz başımı saxlamışam bircə təhər, Gündə bir evdə gedib eyləmişəm şamu səhər, Fal açıb söyləmişəm «bəndi-zəban», Molla dayı, Olmuşam məhrəmi-əsrari-cahan, Molla dayı. Harda toy varsa gərək mən bişirəm aşlarını, Kim ərə getsə, mən allam gəlinin qaşlarını, Silərəm, hər kim əza saxlasa, göz yaşlarını, Səsinə səs verərəm etsə fəğan, Molla dayı, Tə’ziyə sahibitək sinəzənan, Molla dayı. Küçədən hər yerə qız köçsə, özüm yenkəsiyəm, Toyda xəl’ət, yasda isə ölü paltarı geyəm, Hər məhərrəmdə varımdır nəzirim, növhə deyəm, Çalalar namıma təblü baraban, Molla dayı, Qalmışam indi bir işdən nigəran, Molla dayı. Yığmışam bir neçə yüz tazə manat müxtəsəri, Vacib olmuş mənə axırda Xorasan səfəri, Hər işim hazır idi, qalmış idi bircə əri. Onu da tapmışam axırda, inan, Molla dayı, Daha durma gəl uçağ indi, aman, Molla dayı! * * * Mollanın fırıldaqları Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla, Keçən ilki macəranı edər indi taza molla. Gözün aydın, ay müsəlman, tapılıb yeni səriştə, Kimə lazım olsa, gəlsin bilet almağa behiştə. Yaradıb cənab molla neçə min gözəl fəriştə Satacağdı hürü eyni biri bir piyaza molla, Keçən ilki macəranı edir indi taza molla. Ramazan üçün olubdur elə bir dualar icad, Olacaq fərizə: mö’min üçün altı-yeddi arvad. Bala qızları alanda deməsin hökumət heç zad. Bu cür işlərə həmişə verəcək icazə molla, Keçən ilki macəranı edir indi taza molla. * * * «Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavab Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı! Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı! Hər tərəfdən gətirirlər Bakıya xəstələri, Diz çökür gündə hüzurunda qadın dəstələri, Döşəkin altı qızıl, yanları «bon» bəstələri, Nəzr alıb vermədədir xeyir-dua, Məsmə bacı, Tökülür başına hər gün nücəba, Məsmə bacı! Uşağı tərsinə gəlmişdi dayım arvadının, Dadü fəryadı uçalmışdı zavallı qadının, Canımız qəbrinə qurban ağanın əcdadının, Qarnına sürtdü əlin, verdi şəfa, Məsmə bacı, Ağa bir künlükə də oldu «mama», Məsmə bacı! Olmamışdı uşağı on sənə bacım qızının, İşi mə’cun yemək oldu Nisənin baldızının, Kişisi lap qocalıb taqəti getdi dizinin, Azca qalmışdı gedib arvad ala, Məsmə bacı, Axırı qıldı ağa bir qız əta, Məsmə bacı. Gəl ziyarət elə sən də Bakı peyğəmbərini, Çəkiyor külnisələr çeşminə xaki dərini, Üzaçığ zalxaçığazlar da öpür əllərini, Kişilərdən də nə çoxdur ürəfa, Məsmə bacı! Hərəkətsiz ətə olmuşla fəda, Məsmə bacı. Külqədəm də ərinin şişəyə dutmuş qanını, Nəzr üçün gizlicə satmışdı Sona yorğanını, Nəzr edib doldura Naznaz ağanın qəlyanını, Masaj eylər bədənin Güllü xala, Məsmə bacı, Gülpəri istədi qulluqçu qala, Məsmə bacı. Bürümüş doğmayan arvadlar onun hər tərəfin, Keçən il ağzına bir dəfə tüpürmüş Şərəfin, O kəramətlə doğub bircə dənə xoş xələfin, Sənəmə və’də verib bircə bala, Məsmə bacı, Neçəsi istər ona siğə ola, Məsmə bacı. * * * Şiələr Yetişib mahi-əzası şiənin, Təzələndi yenə yası şiənin. Düzəlib çoxlu busati-tə’ziyə, Küçədə, damda, bazarda mərsiyə, Mələşir mal kimi bilmirəm niyə, Özü, arvadı, balası şiənin, Təzələndi yenə yası şiənin. Yeməyə olmasa evdə şorbası, Kəza sailtək əlində torbası, Olmasa içməyə su sınıq tası, Yenə də var bu ədası şiənin, Təzələndi yenə yası şiənin. Küçədə oğlu tumançaq ağlasa, Körpəsi əppək üçün sızıldasa, Xəstəyə olmasa aşı bir kasa, Gözünün yaşı dəvası şiənin, Təzələndi yenə yası şiənin. Unudub Kərbibəla işin ərəb, Şiələr oldu bu işdə dov-tələb, Döşəyib başa qapazı bisəbəb, Çırılır ildə yaxası şiənin, Təzələndi yenə yası şiənin. * * * Mö’minlərə Qibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə, Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə. Malımı, nisvanımı, te’dadə tapmazdım macal, Hər nə etsəydim camaat başlamazdı qilü qal, Çünki şər’ən eyləmişdik millətin irzin halal, Müxtəsər erkək-dişi olmuşduq ər mö’minlərə. Hər nə hiylə varsa təzvirimlə çəkdim qəlibə, Ayə, təfsir ilə soydum xalqı, doldurdum cibə, Bəndəmiz olmuşdu islam aləmi başdan dibə, Toplanıb asudə çəkmişdik təbər mö’minlərə. Fikr edib hazırlamışdıq ayda dörd-beş mö’cüzə, Hər nə etsəydik müsəlman şək gətirməzdi bizə, On gün əqdəm mətləbi açdım evimdə bir qıza, Hansı dinsiz bilmirəm verdi xəbər mö’minlərə. Bihəyalar toplanıb salmış böyük bir mərəkə, İstəyirlər aləmi-islamı bədnam etməyə, Boş yerə övladi-peyğəmbər düşüb çəkhaçəkə, Eybdir, vallahi, bu iş mötəbər mö’minlərə. Məndə yox təqsir, islam üzrə bid’ət beylədir, Kim nə etsin, dinimiz belə, şəriət beylədir, Din belə, molla belə, hikmət, təbiət beylədir, İş belə olduqda yoxdur bir zərər mö’minlərə. * * * Xanbacı Xanbacı, bu kişilər bizdə həya qoymadılar, Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar. İndi də tə’nə vurur yastı daban başmağıma, Kişidə bir üzə bax, eyb tutur yaşmağıma, Kişi görcək bürünüb baş götürüb qaçmağıma, Bizdə bunlar daha ayinu əda qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Gətirib yubka, deyir at bayıra nimtənəni, Burnunu gizləmə, örtmə kişi görcək çənəni, Atana «papa» xitab et, «mama» səslə nənəni, Ağzı, burnu qapalı Fatmanisə qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Deyir at çarşabı, qondar başına bircə səbət, Başaçıq bulvara çıx, ta ki, kəsilsin bərəkət, Haradan başlarına düşdü bu dinsiz hərəkət? Qudurub köhnə qiyafətdə səfa qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Söyləyir get teatrlarda otur, ol mədəni, Qorxma, qırpınma əgər yad kişilər görsə səni, Tufli geyməkliyə də razı olub Şeyx Qəni, Azdırıb xalqı yolundan üləma, qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Dün üzü qarə ərim küçədə girdi qoluma, Bilmədim heç necə getdim küçədə öz yoluma, Bir bölük yad kişi, baxmaqda idi sağ-soluma, O qədər baxdılar gözlərdə ziya qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Utanıb bir neçə yol yenkimi tutdum üzümə, Hey dedim, — gəl qayıdaq, — baxmadı nadan sözümə, Bir nəfər qırmızısaqqal soxulurdu gözümə, Küçədə almağa ləzzətlə hava qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. * * * Bizim qız Bilməm nə görüb məktəbi-irfanda bizim qız, Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız? Dəftər, tetrat, ruçkası, çantası, cihazı, Üstüldə duran kartası, atlası, namazı, Beynəlmiləlin nəğməsidir razü niyazı, Namusi-həya qoymadı nisvanda bizim qız. Etməz dəli qız dinə əməl, şeyxə sitayiş, Çıldırmışam etməz daha tə’bim buna saziş, Bayramda çıxıb qıldı sokaklarda nümayiş, Bayraq götürüb küçədə, meydanda bizim qız. On bir yaşına varmış ikən başı dumanlı, Vermişdim ərə batmışı, olmuşdu nişanlı, Salmışdım ələ varlı, gözəl bir dəliqanlı, Bilməm nə görüb küsdü bu oğlanda bizim qız. Söylər mənə gər eyləməsəm dərsimi təkmil, Girməz başıma ər sözü gər bitməsə təhsil, Ölsəm də deyir eyləmərəm dərsimi tə’til, Bid’ət qoyacağdır bu müsəlmanda bizim qız. Məktəbsiz ikən bir qız idi çox da müəddəb, Nadan bu qızın korlamış əxlaqını məktəb, Baxmaz sözümə, dinsiz olub cəhlə- mürəkkəb, Söylər ərə mən getmərəm, hər yanda bizim qız. Fikrində qoyub dərsdə, məktəbdə qocalsın, Zülfü ağarınca ata boynundamı qalsın? Oğlan da gəlib təngə gedib ayrı qız alsın? Qalsın boşa bir guşeyi-pünhanda bizim qız, Namusi-həya qoymadı nisvanda bizim qız. * * * Bizim arvad Evdən çölə çıxmazdı əzəldən bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Söyseydim əgər min kərə çıxmazdı sözümdən, Əzseydim əgər başını qaçmazdı gözümdən, Baxmaz sözümə lap çıxaram həşri özümdən, Qoymaz bu həyasızlığın əldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Zalım qızının fikri savet, zikri jenotdel, Yoldaşı kitab, yarı kağız, həmdəmi çernil, Yazmaq, oxumaq, məktəb olub hər işi vel-vel, Öyrəndi bunu hansı dəcəldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Naqis qızı imanın atıb etməyir insaf, Söylər aparıb zəhləmi bu zəhrli çarşaf, Bilməm bunu yoldan çıxarıb hansı bir əclaf Allah tanımaz, qorxmaz əcəldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Saqqala həna qoymaq idi pişəsi əvvəl, Çernil yerinə əldə gülab şişəsi əvvəl, Daim mən idim söhbəti, əndişəsi əvvəl, Bir mö’min idi həp bu misildən, bizim arvad, Şura gələli azmış əməldən, bizim arvad. Hansı kişi namusunu, vicdanını satmış, Məktəbdə çıxıb nitq eləsin bu başı batmış? Namusu yeyib, arını arvad dala atmış, İman evini yıxdı təməldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Biğeyrət işə razı olar hansı müsəlman, Saat ikidə arvadı gəlsin teatrdan, Mən evdə yatım, eyləsin o, şəhrdə cövlan, Xof eyləməsin dinə xələldən, bizim arvad? Şura gələli çıxmış əməldən, bizim arvad. * * * Molla Suğra Molla Suğraya ziyarət eylə qismət, ya Hüseyn! Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn! Doqquz ildir rövzəxandır, bir kənizindir sənin, Rövzəsindən pinti Fatma eşqirizindir sənin, Ağladır atbaş Tükəzbanı, əzizindir sənin, Qılboyun Naznaz sənə saxlar müsibət, ya Hüseyn, Qalmış ərsiz altı aydır mö’min övrət, ya Hüseyn! Dikburun Zeynəb dünən nəzr eyləmiş bir cüt corab, Telqraf Məhparə bir köynəklə olmuş feyziyab, Hər zadın vermiş qotur Xeyrənsə, dılğır Mahtab, Ərlərindən eyləyirlər indi sirqət, ya Hüseyn, Qalmasınlar molla Suğradan xəcalət, ya Hüseyn! Nəzr qılmış sırğasın çinköz Tutu, türkmən Nabat, Bir kasa buğda gətirmiş şil Bəyim, kəlfir Həyat, Əyriqıç Telli bir arşın çit, qaz Həvva bir manat. Eyləmişlər molla Suğraya məhəbbət, ya Hüseyn, Yaxşı bir ərlə nəsib eylə ziyarət, ya Hüseyn! Bir qoğal məşşatə Dilbər, dörd qaşıq yağ Külyetər, Pəhlivan Gülsüm bir az çay, bir kələm tın-tın Həcər, Hər nə çalmışsa qızıldiş Soltan evdən müxtəsər, Molla Suğraya edər bu yolda xidmət, ya Hüseyn, Bunlara eylə ziyarət ildə qismət, ya Hüseyn! * * * Ay tutulanda Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı, Ay tutuldu nalədən, göydə qəmər qan ağladı. Yerdə fürsət olmamışdır baş yarıb qan tökməyə, Qan keçəl başlardan axır, fantan atmışdır göyə, Getdi molla Qambay ayda baş vurub diz çökməyə. Bu müsibətdən ay-ulduz sərbəsər qan ağladı, Ay tutuldu nalədən, göydə qəmər qan ağladı. Şeyx Qəni çəkmiş səmaya Kərbəla meydanını, Orda həm istər tökə Abbasu Əkbər qanını, Aya hayil eyləmiş Şümrün böyük qalxanını, Orda həm eşşək Qafar, nazik Cəfər qan ağladı, Ay tutuldu nalədən, göydə qəmər qan ağladı. * * * Şeyx əmi! Üstünə sal tazə əba, şeyx əmi, Saqqala yax rəngü həna, şeyx əmi! Yağla dabanlarını çıx gərdişə, Şəhrdə iqdam elə bu xeyr işə, Zərrəcə lə’nət oxuma keçmişə, Zərrə varındırsa vəfa, şeyx əmi, Gərdişə çıx, qılma həya, şeyx əmi! Əlli bir evdə döşəsən süfrəni, Şəhri yesən bil ki, doyurmaz səni Eylə ləbaləb neçə gün mə’dəni, Qoyma bir ev boşda qala, şeyx əmi, Müntəzirindir «nücəba» şeyx əmi! Bir neçəsi satmış evindən qazan, Yorğanı da baqqala vermiş, inan, And ola əmmamənə, yoxdur yalan, Qalmamış evlərdə tava, şeyx əmi, Oldu bütün badi-həva, şeyx əmi! Kefli tutub şəhri varındır xəbər Gör neçə lül qənbər olub şiələr, Sən hələ bas qarnını, ay bəxtəvər, Fəxr eləsin qoy üləma, şeyx əmi, Müntəzirindir «nücəba» şeyx əmi! Eylədi tə’sir nəsihətlərin, Bayramı tərk etmədi ümmətlərin, Çünki qalır mayəsi bid’ətlərin, Gündə çalır tazə hava, şeyx əmi! Müntəzirindir «nücəba» şeyx əmi! * * * Ağa dərviş Bir tazə qəsidə edib inşad ağa dərviş, Xırmanda qurub şivənü fəryad ağa dərviş. Etmiş təzə zənkülələr icad ağa dərviş, Kənd içrə sədasilə qoyub ad ağa dərviş. Hərdən ki, çəkir nə’rəyi-yahu ciyərindən, Kənd itləri qorxub, hürüşür dövrü bərindən, Hay-küy qoparır xırda uşaqlar əsərindən, Görcək başını mal-qara ürkür təhərindən. Salmış yanına sağ gözü kor bir sarı madyan, Dal qıçları axsaq, anadan doğma çopurqan, Üstündə iki köhnə çuval, bir qara çaydan, Kəşkülü təbər, yırtıq əba, bir cırıq yorğan. Hər yerdə ki, xırman döyülüb oldu müheyya, Əl üstü açar orda çuvalın quli-mövlə, Xəlbir dolusu töksə çuvala sarı buğda, İstər yenə də madyanına bir qədər arpa. Hər yerdə ki, versən dəminə bir dolu xəlbir, Keçsə əlinə bir kasa yağ, bir dəri pendir, Ərvahi çəkər ortaya tərtib ilə bir-bir, Ol qədr nərildər ki, olur axırı bikir. * * * Ağam vay Bilməm nə var adında, ey şəhsəvar, ağam vay! Titrər adın gələndə, xurdü kübar, ağam vay! Kər başını kəsiblər Kərbübəladə bir yol, İndisə rövzəxanlar eylər şəhid bol-bol, Birəhm rövzəxanə mayə olub kəsik qol, Titrər adın gələndə xurda kübar, ağam vay! Namınla hər dükanda bəzzaz edər ticarət, Qəssab da eyləmişdir bir müxtəsər ticarət, Eylər adınla hər gün min bəxtəvər ticarət, Bəzzazə arşın oldun, ey namidar, ağam vay! Durduqca rövzəxanlar, dünya səni unutmaz, Hər il məhərrəm olcaq, başlarlar kürdi-şəhnaz. İçməsə molla Əskər, tə’sir qılmaz avaz, Ondandır hər gün olmuş beylə xumar, ağam vay! Cibgir cibə girəndə, səndən köməklik istər, Canilərin dilində daim olubsan əzbər, Namın gələndə gündüz, dad eylər usta Qənbər, Amma gecə gələndə, oynar qumar, ağam vay! Nökərlərin gətirmiş axırda zara xalqı, Həsrət qoyub lotular şama, nahara xalqı, Hər yerdə rövzəxanlar bu baxtı qara xalqı Noxta əlində dartar misli himar, ağam vay! * * * Ola bilsəm! Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu Şadəm gecələr çayına mehman ola bilsəm, Axşam bəzənib azimi-meydan ola bilsəm. Söysən nə qədər zatıma, qılsan məni təhdid, Çayxanadan axırda müdir eyləsə tə’bid, Ar eyləmərəm eyləsə oğlum məni tənqid, Bundan da bətər bisərü saman ola bilsəm. Yüz dəf’ə itil söyləsən, əlbəttə, itilməm, Eşq aləmidir ar həmiyyət nədi bilməm, Məktubumu çalsan başıma hərgiz əzilməm, Hər gün söyülən arsız insan ola bilsəm. Doxsan yaşadım eyləmədim eşqimi təkmil, Hicranə dözüb etmədim hərgiz belə tə’cil, İndisə gərək burda qılam vəslini təhsil, Doxsan sənəlik tifl və şəban ola bilsəm. Baxmam ki, doğub altı bala evdəki övrət, Sən burda ikən Fatma-Tükəzbanə nə rəğbət? Cənnət desəm, huri diləsəm zatıma lə’nət, Ancaq sən ilən hər gecə bir an ola bilsəm. Bir piri-zəliləm qəmi-eşqində giriftar, Çəksən nə olur lütflə saqqalıma tumar! Doxsan yaşamış yüz də yaşar Məşhədi Qəffar Vəslinlə fəqət layiqi-dərman ola bilsəm. Vəslindən ötür hər sözə tab eyləmişəm mən, Xət başımı hər gündə xizab eyləmişəm mən, Dərya qırağın cənnət hesab eyləmişəm mən, Asudə əgər dahili-rizvan ola bilsəm. * * * «Şərq qadını» məcmuəsinin bir illik bayramına Sən özün bir sənəlik dövrünü bayram elədin, Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin. Qala mirasına dünyada vərəq parələrin, Dini, imanı verib bada vərəqparələrin, Bir bəladır bizim arvada vərəqparələrin, Nə yaman yerdə bizim gündüzü axşam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Tapdalardım ölən arvadı, oyardım gözünü, Qışqıran dəmdə toyuqtək itirərdi özünü, Sən çıxandan bəri Gülnaz da deyir öz sözünü, Kişi haqqında bütün zülmünü itmam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Buna kim razı olar xırda qızı yoldan aza? Adı altında gəlib gündə sənə şe’r yaza? Qoyarammı o həyasız qızı gülsün namaza? Çaşdırıb qızları, arvadları bədnam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Nəzər etdikcə vərəqlərdəki təsvirinə mən, Gündə min lə’n edərəm heyyəti-təhririnə mən, Dözmüşəm bir sənə haqqımdakı təqririnə mən, Xırda qızdan da məni dərdə nakam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Bu nə bid’ətdi görüm mətbəən uçsun başına, Görüm o katibin ölsün, su qarışın aşına, Çatmayaydın görüm aləmdə səni bir yaşına. Bizə bildinmi bu bir il nə sərəncam elədin? Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Məzhəbə rəxnə düşüb, bizdə daha qalmadı din, Kəsməyir molla da on yaşda qıza indi kəbin, Olmasaydın hamı məktəblilər olmuşdu kəlin, Balaca qızları da maili-övham elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. * * * Rövzəxanın şikayəti Köhnəlik dövrü keçib, tazə hava tapmalıyıq, Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq. Şiə dünyası ayılmış, kəsilir nalə səsi, Ölməmiş milləti «mərhumə» hələ var nəfəsi, Köhnəlib yetmədədir kərbübəla məsələsi, Səsimizlə yeni bir Kərbübəla tapmalıyıq, Xalqı ağlatmağa ahənki-nəva tapmalıyıq. Min yalanlarla qopardıq o qədər şiyvənü şeyn, Yorulub gündə əsir olmadan artıq hərəmeyn, Bu həqarətlər üçün nifrət edib bizdən Hüseyn, Pul qazanmaqlığa başqa üsəra tapmalıyıq, Xalqı ağlatmağa ahənki-nəva tapmalıyıq. Şümrdən görmədi bir bunca həqarət üsəra, Min həqarətləri gördük ona mənbərdə rəva, Öldürüldü iki min dəfə hər ayda şühəda, Əzilib bitdilər, ayrı şühəda tapmalıyıq, Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq. Çürüyüb mərsiyə alatı olub xarü zəlil, Get-gedə kürsünü kəm etmədədir Qumri, Dəxil, Məclisinin hamı yazdıqları sözlər bu qəbil. Yeni bir makina, alati-buka tapmalıyıq, Xalqı aldatmağa ahənki-əza tapmalıyıq. * * * Zurnaçılar işə başladı Zurnasın molla Qəni köklədi saz etdi yenə, Çaldığı nəğməsini dur diraz etdi yenə. İki-üç məscidə yazdırmış özün hər birisi, Leyk şeyxin hamıdan bolludu xam müştərisi, Dişi, erkək, təzə gəlmiş neçə huri-pərisi, Düzədib dükkanı, vıstavkanı baz etdi yenə, Zurnasın molla Qəni köklədi saz etdi yenə. Altı ay molla Ələsgər götürüb nisyə şərab, Borcluya mahi-məhərrəmdə gərək versin hesab, Kamiyab etmədə saqqalını rəng ilə xəzab, Darayıb xəttini min işvəvü naz etdi yenə, Zurnasın molla Qəni köklədi saz etdi yenə. Beh verib molla Tağı altı nəfər dul qadına, Pul yığandan sora siğə qıla allah adına, Verəcək xərc Nəcəfdən gətirən arvadına, Şeyx, əmi ülgücü başlarda təraz etdi yenə, Zurnasın molla Qəni köklədi saz etdi yenə. Saxlayır molla Hüseyn növhə deyən vaxt dəmi, Kamiyabın zili, Şeyx həzrətinin zir-bəmi. Tərpədir qəhqəhə vurduqca başında kələmi Ayəyi inkirillah sövti fəraz etdi yenə Zurnasın molla Qəni köklədi saz etdi yenə. * * * Dükançının müştəri ilə hekayəti Bu sirr komunxozdamı, baqqaldamı yoxsa? Ya inki dəmir yoldamı, ya maldamı yoxsa? Ancaq bilirəm günbəgün olmuş bazar ərzan, Dükançılar e’lan edib hürriyyəti-vicdan. Hər bir mal ucuz, yaxşı keçir əmri-məişət, Mal birsə də var hər kəs üçün bir yeni qiymət. Çatmazsa pulun almağa səs eyləmə amma, Çünki satılır hər kəsə bir qiymətə əşya. Zira salıb alverçi elə tazə bəhanə, Natiqlik edir müştəri girdikdə dükanə. Görcək səni filfövr açacaq duzlu hekayə, Söylər ki, — bu ay min manata çıxdı kirayə, — Hər kəlmədə söylər, — evimi yıxdı komunxoz, Alsa bu pulu, axırıma çıxdı komunxoz. O qədər nalog yüklədilər arxama əl’an, Dörd qıçlıya çatsan, dağılar bir günə palan. Hələ xəbərin yox bu ayın lampa pulundan, Artar o da ayda iki yol, bezmişəm ondan. Aksizlər ilə ki, hələ var başqa qiyamət, Onlar qudurub, mə’ruf olub gizli ticarət. Tə’zim edərəm hər biri rast gəlsə hərifin Hərdən sorarəm müxtəsər, əhvali-şərifin. Yüz milyon alır bir tayı qaldırmağa hammal, Etsin necə taqət belə bir məsrəfə baqqal? Bundan da pisi, evdəki xərcim daha şişmiş, Arvadlarımın zülmü də payanə yetişmiş: Tufli cütü altmış manata çıxdı nihayət, Düşmüş təzədən şəhrə qızıl sumkalar adət. Ətrin şüşəsi az qala olsun iki onluq, Dörd min manata mirvarı bir şəddə boyunluq. Düşmüş inki ev xərci mənim üstümə naçar, Hər nə görüb istər o iki zalimü-qəddar, Liza tazə şlyapa görüb eyləyir israr, Gülçöhrə tələb etmədə çadirşəbi-zərtar. Cəm eyləmişəm bunca məsarifləri mən də, Labüdd qalaraq yükləmişəm bir kisə qəndə. İşlər belədir, incıməsin müştəri qardaş, Çox istəmirəm, olsa yetər bir kasa bozbaş. * * * Şeyxin bir mö’cizəsinə ithaf Baxdıqca könül qan olur əhvalına şeyxin, Yandı ürəyim tərcümeyi-halına şeyxin. Minbərdə dünən tapmış ikən halati təğyir, Qalmışdı boğazında söz, olmuşdu gəlugir, Etdi bu vəziyyət mənə də doğrusu tə’sir, Qonmuşdu ölüm torpağı saqqalına şeyxin, Heyfim də gəlir yalına-kuppalına şeyxin. Söylərdi ki, peyğəmbər alar qırx nəfər övrət, Hər kəs bunu tənqid eləsə, zatına lə’nət, Hacı Qəni baqqal da gəlib cuşə həmiyyət, Etdi qəsəm əmmaməsinə, şalına şeyxin, Qoydu başını səcdədə dünbalına şeyxin. Heç şübhəsi yox kafir olub aləmi-insan, Məscidlərə yarmarka deyir, minbərə — dükkan. Bə’sət də, imamət də, nübüvvət də çibişdan, Qur’an belə vabəstədir amalına şeyxin, Pul söhbətidir baxsan əyər halına şeyxin. Gündüz-gecə tə’rifin edir mahi-siyamın, Təfsiri çibiştandan ibarət bu kəlamın, Salmış başına noxtanı beş-altı əvamın, Baqqal alır hər bir yükünü dalına, şeyxin. Gülmə hələ sən elmsiz hammalına şeyxin. Bir gün gələcək, iyrənəcək öz əməlindən, Heyvan belə bizar olacaq şeyxin əlindən, Bu söylədiyim olsun əmanət sənə məndən, Bir gün salaram atəşi mangalına şeyxin. Söz qandıraram bir kərə hammalına şeyxin. Millət daha heç görməyəcək şeyxdən asar, Gəlməz daha insanlığa bu surəti-idbar, Məscid verilər məktəbə, qalmaz daha dərbar, Qoymaz düşə insan yeri işğalına şeyxin, Atəş vuraram bir kərə əmvalına şeyxin. Hər nə deyəcək, dinmə, desin son nəfəsində, Töksün zibilin, qalmasın hədyan qəfəsində, Beş-altı ulaq var nə qədər pişü rəsində, Bir siğə düşər həftədə çankalına şeyxin, Olsun bərəkət bir topa saqqalına şeyxin. * * * Lə’nət ola! Fələkin gərdişi-dövranına min lə’nət ola! Sərvətə qız satan insanına min lə’nət ola! Bənd olub bir qoca məl’un kişi nadan atama, Sərvətin qılmış idi və’də müsəlman atama, Eylədi hilə nihayətdə bu şeytan, atama, Bəşərin hiləli şeytanına min lə’nət ola! Eşqinə, mehrinə, vicdanına min lə’nət ola! Az qalır doxsana çatsın yaşı nisbət kişinin, Varlığı bağrımı çatlatdı bu heybət kişinin, Nifrət olsun gözünə sahibi-sərvət kişinin, Özünə, sərvəti-samanına min lə’nət ola! Bığına, xətti-pərişanına min lə’nət ola! Surəti-alimi gördükcə qanı cuş eylər, Gərdəni-nazımı cəbr ilə dərağuş eylər, Dili-azürdəmi hər baxdığı mədhuş eylər, Ərlərin qorxulu zindanına min lə’nət ola! Kişinin surəti-xortdanına min lə’nət ola! Tutub ahu kimi öz dami cəfasında məni, Qollanır cəbr ilə öz keyfi-yaşasında məni, Alət etmiş köpək öz zövqi-səfasında məni, Məni canan bulanın canına min lə’nət ola! Gen çuxa, çirkli damanına min lə’nət ola! Ağlaram hər gecə təskin eləməz malı məni, İncidir get-gedə iyrəndirici halı məni, Qaşıyır kirli qaşovlar kimi saqqalı məni, Qoxumuş ağzına, dəndanına min lə’nət ola! Yekə baş, surəti-heyvanına min lə’nət ola! * * * Ramazan ayı qurtardı Bitmiş ramazan, bərhəm olur məclisi-ehsan, Nəqdin verərək, nisyə behişt aldı müsəlman, Şeytanbazar əsnafı olub azimi-rizvan, Huriləri məşdi özünə eylədi nisvan, Huri qutarıb, qaldı fəqət bir neçə qılman. Molla ki, pulun topladı, cəmləndi xəracat, Qalxmaz daha avazi-əzan, sövti-minacat, Bir az sora bağlar qapısın qaziyulhacat, Öz cənnətinə baqqalı almaz daha mehman, Didarına həsrət qalacaq huriyü qılman. Pul almasa molla bu otuz gün ramazanda, Bişübhə oruc söhbəti qalmaz bu cahanda, Din də qapanır, məclisi-ehsan qapananda, Vaiz də pul almazsa, deməz hərzəvü hədyan. Hər kəs ölür-ölsün, parasız eyləməz əfğan. * * * Rüşvətlə mübarizə zamanı Ar eyləmərəm, pəndü nəsihətdən utanmam, Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam. Xalqın xoşuna gəlməsə ətvari-kəsifim, Dolsun fəqət ahəstə çibişdani-şərifim, Bir Əhrəmənəm, yox bu vilayətdə hərifim, Candan usanırsam, yenə rüşvətdən usanmam. Bu zəhməti az, xeyrli sən’ətdən utanmam. Hər xidmət ibarətdi mübarək şikəmimdən, Kənd əhli əbəs canə yetişmiş sitəmimdən, Yatmam gecələr sübhə kimi fərti-ğəmimdən, Məstanə yatış, işvəli söhbətdən usanmam, Ləbətləri ölsəm də ziyarətdən utanmam. Qurdam, dəyişib cildimi insanə qarışdım, Soxdum başımı hər yerə, hər yanə qarışdım, Fənd əhli olub sərvətü samana qarışdım, Bir böylə gözəl sevməli xidmətdən usanmam, Ölsəm də, asılsam da bu adətdən utanmam. İndisə duyub fəndi gözün açmış hökumət, İstər duta kimlərdir alan ölkədə rüşvət, Övqatımı təlx etmədi hərgiz bu vəziyyət, Var tazə üsulum, o vəziyyətdən usanmam, Cin də məni tutmaz, bu cinayətdən utanmam. Rüşvətçi gərək rüşvəti qərzülhəsən alsın, Rüşvət deyil, evladıma bir töhfə aparsın, Bir saat alıb qızçığazım boynuna salsın, Rəsmiyyətə düşdükdə hökumətdən utanmam, Rüşvət yemək əmrimdəki halətdən utanmam. Bir sırğa alıb arvadıma versə nə eybi? Evladımı kostyumla keyindirsə nə eybi? Saat ikidə mənzilimə girsə nə eybi? Düşsəm tora axır yenə lə’nətdən utanmam, Biaram, özüm də belə ğeyrətdən utanmam. * * * Körpə nişanlı Qundaqda ikən bir qızı ad eyləmişəm mən, Nazlı bəbədən könlümü şad eyləmişəm mən. Məftun eləmişdi məni kəhvarənişin qız, Gördükdə qığıldardı məni mahçəbin qız, Süd əmdiyi vaxt arvadım olmuşdu həmin qız, Nəfsimlə bilirsən nə cihad eyləmişəm mən? Hər gün vurulub dadı-bidad eyləmişəm mən. Sərf eyləmişəm var nə qədər malü-mənalım, Bəlkə fərəh etsin böyüsün körpə əyalım, Bir az sora toy etmək idi fikri-xəyalım, Bu xeyr işi çoxdandı murad eyləmişəm mən, Amalımı hər gündə ziyad eyləmişəm mən. Axırda kəbin kəsdi bizə əhli şəriət, Lakin qız özü qılmadı haqqımda məhəbbət, Yoxsul atasın bəslədim, etdim ona xidmət, Puldan keçərək hər cürə zad eyləmişəm mən, Doydurmuşam ac qarnını, şad eyləmişəm mən. Yüz heyf ola ki, çıxdı mənim qarşıma hicran, İşlər dəyişib, qız bəyənib başqa bir oğlan, Sevdi, qoşulub qaçdı, məni qoydu pərişan, Mollaya gedib ərz ilə dad eyləmişəm mən, Fəryadımı getdikcə ziyad eyləmişəm mən. Bu zülmə şəriət də gərək olmaya razi, Verməz buna fitva, bilirəm, həzrəti qazi, Hər ləhzə xəyalımda gəzir sevgili mazi, Həm də acı müstəqbəli yad eyləmişəm mən, Yırtıb üzümü dadü-bidad eyləmişəm mən. * * * Qadınlar Düşmüşdülər çoxdandı bu sevdaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. Gül başımıza, indi gəlib gör nə zamanlar, Sədr oldu bizə çalmalı, çarqatlı çobanlar, Qaldı dalıda məşdi Kərim, kəblə şabanlar. Sədr olmaq üçün düşdü təmənnaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. İnsanlığını etsə qadın kənddə isbat, Baxmaz sözünə bir də o nadan qızı, heyhat, Olmaz daha hər gün kulaka siğə o bədzat, Düşməz tora, yazsan iki yüz ayə, qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. Kənd içrə durub baş-başa boz, ağ, qara saqqal, Qoltuqçu Nəsir, pullu Qədir, yağnalı baqqal, Bunlar nə seçir, nə seçilirmiş, bu nə əhval? Bunlar var ikən düşdülər ortaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. Heç anlamıram mən, bu nə adət, bu nə bid’ət? Ərlər var ikən arvadı qoysunlar hökumət? Zülm etdi bizə, bolşevikin dininə lə’nət. Onları görüb çıxdıla dünyaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-satirik-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.