Şeirlər Məmməd Səid Ordubadi (1872–1950) «Şərqi-Rus» qəzetinə Gözüm, dur xabi-qəflətdən, çıxıb gün aşikar oldu, Bəhəmdulla şəbi-yəlda gedib nisfi nahar oldu! Dolubdur səfheyi aləm şüayi «Şərqi-Rus» ilə, Qaranlıq könlümün zülmət sərası zərnikar oldu. Eşitdim təzə güldür, baş verib bağı-təməddündən, Keçib əbnayi-islamın xəzanı, novbahar oldu. Tapıb bir nömrəsin qıldım qiraət çox sürur ilə, Dedim barixuda bəxtim nə xoş saətdə yar oldu. Ümidim var çıxaq ruyi-zəminə cahi-zülmətdən, Olur mə’lum çox qafil bu işdən huşyar oldu. Yəqinimdir qoyallar bizləri də silki-ürfanə Neçin ki, rövnəqi-ətvarımız hər yerdə car oldu. Dayandı başımız əğyar içində ərşi-ə’layə, Bizim də adımız millətlər içrə yadikar oldu. Dəqiq islam olan hərgiz götürməz əl təşəkkürdən, Həqiqət bu qəzet insan üçün çox iftixar oldu. Bu söz məşhurdur etməz tərəqqi elmsiz millət, Hamı elm əhli rahət, elmsizlər xaru zar oldu. Əzizim, mümkün olduqca oxu türki qəzetlərdən, Bununla cümlə cəhlin binası tarmar oldu. Pulun var yaz götür, yoxdur, mənimtək özgədən al, bax, Xoşa, ol kəslərə bu kari xeyrə cannisar oldu. Atıb «Şahnamə»ni hər yerdə ruznamədən dəm vur. Bu lazımdır sənə, onlar tamamən xaksar oldu. Bu bir şöhrət deyil İskəndərə bac aldı dəryadan Neçə bəs xalq üçün dəryalar indi vagüzar oldu. Düşün ey binəva, getdi İskəndər dar-zülmətə, Elektriklə ol zülmətsəralar rəhvar oldu. Səmər yoxdur, əzizim, tari haqqı, köhnə işlərdən, Desə dərviş inanma Rüstəm ağ divə səvar oldu. Səida, hər qədər vardır qələm yaz bu məqalatı, Sənə bu «Şərqi-Rusun» nömrəsi bir e’tibar oldu. * * * Xabi-qəflət Dur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən, Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən! Tamamən xalq olub bidar avazi-müəzzindən, Dur, ey aludeyi-qəflət, göz aç bir dəm kəsalətdən. Ülüləbsar olan sübh olmamış bidar olur bişək, Deyil insani-kamil durmayan xabi-cəhalətdən. Gözün var isə hürriyyət ziyasından götür hissə, Yaşa insanca, insanlartək azad ol əsarətdən! Təlaş əyyamı, hürriyyət zamanı, iş məqamıdır, Mənə söylə görüm kim müstərih olmuş səfalətdən? Nə yatdın, ey müsafir? Sübh açıldı, karvan köçdü, Özün tək, pürxətər mənzil, səmər yoxdur bu rahətdən. Demə mən şir idim, həm mən şücaətdə arslan idim, Tökərlər başına elm ilə bu xaki məzəllətdən. Qarışqa elmidən dərk etsə baxmaz zuri-bazuya, Bir alim kimsə xof etməz bir aləm zoru qüvvətdən. Gər olsa əksəriyyətlə cəmaət hakimə məhkum, Bir hikmət alimi xof etməz ali bir hökumətdən... Gəl, qardaş, ataq qəfləti bilmərrə kənarə, Bir az da bu qəflət qala olmaz dəxi çarə... Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət, Avara qoyan bizləri qəflətdi, bu qəflət! * * * Vətənimizə bir neçə söz Bahar oldu, ey sinədağlı çəmən! Göz aç qəmdən, ey xaki-paki vətən! Çıxıb gün sabah oldu, dur xabdən, Çəkil sahilə sarı girdabdan. Açarmı lisani-ədəb bülbülün, Bahar oldu, noldu bəs açmaz gülün?! Neçin səndə var daimi bir xəzan, Haçan gül açarsan, sən ey bustan?! Məgər sən deyildin səfalı çəmən? Məgər səndə yox susənü nəstərən? Açıb nərgiz ol məstü şəhla gözün, Qızıl gül həyadan qızardır üzün. Göz aç, sən də alqışla bu işrəti, Verər bülbül e’lani-hürriyyəti! Alar qumri məşrutə tə’limini, Bənövşə verər dərsi-tə’zimini. Girər bağa tuti quşu bavüqar, Oxur nitqlər, parlamanı açar. Qurar intixabatı əhli-çəmən, Durub sədri-məclis olar yasəmən. Olar rəsmi-talari-gül payidar, Hamı yerdə icrayi-kari-bahar. Çıxam yüz bahara, görəm yüz çəmən, Gözüm səndədir, səndə, ah ey vətən! Kim etdi səni dərd ilə həmkənar? Kim etdi çəmənkahını xaksar? Gahi tarmar etdi İran səni, Gahi basdadı ali-Osman səni, Olan dəmdə hər zihəvəs tacidar, Qılardı səni fəth əvvəl qərar. Verərdin sən əğyarə, ey xaki-pir, Nə qədri həyadidə qızlar əsir! Zamanlarca aləmə amac idin, Ərəblər əmudilə tarac idin. Yanıb səndə Netron, Teymurlənk, Batı xanu, Çingiz, salari-cəng... Edib səndə milyon xəlayiq zaval, Adın qalsa xoşdur məhəlli-qiqtal! Rəiyyətdə yox əqlü elmü vüqar, Özün dami-qəflətdən etsin kənar... Bu əlvat-birəhm alimnüma, Salan dəmdə təsbihü şalü əba, Çəkər milləti dara təzvir ilə, Rəsədbənd edər qanlı zəncir ilə. Qənilər kərəmsizdi, millət fəqir, Yorulduq cəfalardan olduq yəsir. Bu aləmdə gülməz fəqirin üzü, Yalandır fəqirin səadət sözü. Səida, dəxi qoyma əldən qələm, Qələm əldə candan keçib ol ədəm... * * * Loğmanın vəsiyyəti Əshabına bir gün dedi Loğmani-həqiqət: Etdi məni hübbülvətənim mətleyi-hikmət. Bildim vətənin qədrini etdim də sədaqət, Çünki çatar insana sədaqətlə şərafət. Hübbülvətən övladıma məndəndi vəsiyyət, İnsanlara fərz olmalıdır qeyrəti-millət. İnsan olubən bil nədi qüdsiyyəti-insan, Mənsəb haradır, ya ki, nədir mənbəyi-iman, Hübbülvətən olmaz, gedər iman ilə ərkan, Ondan sora bilməzlər, heyvanmısan, insan, İnsan olan etsin gərək həmnov’unə xidmət, İnsanlara fərz olmalıdır qeyrəti-millət. Baş ver vətən uğrunda hər əbnayi-vətənsən! Baş verməsən insan nə ki, bir zağu zəğənsən! Ey ol kişi, sən ki, vətən alamı çəkənsən, Əhsən sənə, sən millətə nəzhətli çəmənsən! Olsun gərək hər fərdi-yaranmışda həmiyyət, İnsanlara fərz olmalıdır qeyrəti-millət. Loğmana dedi bir kişi, ey arifi-kamil, Bu əql ki, var məndə nədir bundakı hasil? Bu növ cavab aldı ki: əql olmasa zail, İnsan eləməz qeyrəti-millətdə təğafil! Əql olmasa olmaz təni-insanidə qeyrət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! Yatdıq nə qədər naz ilə indisə ayılmaq, Başdan keçib heysiyyəti-milliyyə qazanmaq, Can ilə təlaş eləyibən qana boyanmaq, Bir əmri-müqəddəsdi vətən qeydinə qalmaq, Qoy qanını töksünlə, qıl isbati-şəhadət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! Baş verməyən insanın hüququ verilməz, Yüz kimsə əgər ölməsə min kimsə dirilməz, Millətdə tifaq olmasa asayiş edilməz, Əfsus ola bir millətə öz qədrini bilməz, Bilməz nədi qeyrət, nədi millət, nədi himmət. İnsanlara fərz olmalıdır qeyrəti-millət! Bu rahdə çox kimsələr ad eylədi getdi, Zindanlara düşdüsə də hürriyyətə yetdi, Hürriyyəti insanlar əsarətlə yeritdi, Öldü, özü ölməklə hamı həqqi diriltdi. Yatmaq ilə verməzlə musavatü ədalət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! İnsanda əgər olsa təcəllayi-kəmalət, Mə’yubilər öz eybin edəmməz ona isbat, Var olsa əgər bizdə ülumi ədəbiyyat, Şamil olar əhvalımıza feyzi-musavat, Hər ləhzə, Səid, eylə bu əfradə xitabət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! * * * Ona... Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş, Axırda yaxar zatını yaxdıqların atəş! Səndənmidir hər gülbədə, kaşanədə matəm? Bir gün də sənin zatına zindan olar aləm. Bidad ilə üftadələrin yurdunu yıxma, Azadələrin zülm ilə meydanına çıxma. Hər ölkəni al, vur bütün aləmlərə zərbə, Çox məhbəsə insanları, sür məqtəli-hərbə. Lakin onu bil, hər nə ki, bidad edəcəksən, Bir gün gələcək sən dəxi fəryad edəcəksən! * * * Lövheyi-bahar Əlminnətəlillah ki, bahar açdı niqabın, Gün çıxdı, üzü güldü gülüstanə səhabın, Gül qönçəsi bülbül görərək atdı hicabın, Seyr etmədə əbnayi-vətən səhni-səfanı, Bülbül kimi yaz olcaq unutmuşla şitanı. Ormanlara bax, dəhrə nasıl verdilə rövnəq, Ənhar axıyor, saheyi-əşcarinə mütləq. Səhralar olub güzgü, baxırsan görünür həqq, Əlhəqq, nə əcəb çəkdilə təsviri-cahanı Bir sirrdi mübhəm, bir əməldir ki, nihanı! Çamlı təpələr zirvələrindən su şarıldar, Batdığda günəş nurun alıb gün kimi parlar, Su dalğalanıb zümzüməpərdaz olur ənhar, Daşlarla təsadüflə bu nəhrin cərəyanı Hər dalğanı tə’qibdə yüz min həyəcanı. Açmış üzünü gülşənə məşuqi təbiət, İnsana əyan olmada əsrari-həqiqət, Hər qönçədə min rayihə, min şanlı təravət, Təqdir edəlim qüdrəti-xəllaqi-cahanı Həm gülşəni təsis edib, həm fəsli-xəzanı. İrmaqların ətrafın alıb pənbə dumanlıq, Zira ki, çiçəklərdi saçan şanlı qaranlıq, İrmaqda üzən ördək edir qətrəfəşanlıq, Bildinmi nədir etdiyi iradi-zəbani?! Dağlardan alan əksi-səda tərzi-bəyani. * * * Xilqətimizdən Bir sövq təbiətlə bəşər maili-qovğa, Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda. Meyxorəni etməm daha bir bunca məzəmmət, Meydən, məzədən xəlq olub həp bəşəriyyət. Hər kəs meyə aşiq, hərə bir badəyə məftun, Bayğın bəşər hala yenə sərməst digərgun. Övladi-bəşər xak imiş, öldükdə olur xak, Az keçməmiş ol xaki-siyəhdən köyərir tak. Əngur bitir tərk olunan məqbərələrdən, Xumlar düzələr heykəli-məxmuri-bəşərdən. Torpaqda imiş məbədü meyxanə də, mən də, Məscid də haman xak ilə, mey də, mey içən də. Mən xəlq edilən xak ilə meyxanə salınmış, Vaiz yaradan xak ilə məscid qayırılmış, İştə bu səbəbdən mənə meyxanə nəşimən, Vaiz də bilir minbəri kəndisinə mə’mən. Çirkin, gözəl, erkək, dişi həmzadeyi təndir Xumlar də həmin, mən də həmin, mey də həmindir. Dünya özü meyxanə, bəşər məsti-xərabat, Hər yerdə əsatir, miləl, hərzə, xürafat. Sərxoş bəşərin sinəsi bir badeyi-gülgun. Bədməst qəza qorxulu bir səhneyi-pürxun. Mey mayəsi təvlud olunurkən ətimizdən, Həm ğailələr, mə’rəkələr xilqətimizdən. * * * Biz Aləmin hər dürlü təşkilatı rö’yadır bizə, Sənətin e’cazı ancaq bir tamaşadır bizə. Bilməriz dünyaya gəlməkdən nədir mənzurimiz Hər bir iş dünyada mübhəmdir, müəmmadır bizə. Həp əsiri-qəfləti-cəhliz, səfalətpərvəriz, İmdi də hürriyyətin dünyası yəldadır bizə. Qibleyi ürfanı görməz dideyi kəcbinimiz Arizi-zibayi-hürriyyət həyuladır bizə. Biz nə bədbəxtik ki, istibdadi-mə’şumun üzü, «Cənnəti üzmada» olsaq da hüveydadır bizə. Bizcə birdir əksəriyyət ya əqəlliyyət sözü, Həp bu bir əfsanəyi-Məcnuni-Leyladır bizə. * * * Taxtkahi-Cəm Bir qəm sarayı möhnət imiş taxtkahi-Cəm. Həp əski uyqusunda durur kişvəri-Əcəm. Dövri-bərində parlar ikən nuri-inqilab, Açmaz gözün, gözündə tilu qılsa afitab. Məzlum Əcəm, yanar ürəkim qəmli halına, Mən ağlaram, sən ağlamayırsan zəvalına. Bir ingilis əsirisən, ey əski Məmləkət, Qəmli sükutuna de görüm varmı bir cəhət? İranlılar, qalırsa hər əski sufatınız, Bir inqilab əlindədi qəti nicatınız! Qorxma, batar o qəhr ilə düşmən siyasəti, Hərbi qiyamə başlasa İran cəmaəti. Sanma böyükdü düşməniniz, iqtidarı var, Bir səmtə daim əsməyəcəkdir bu ruzigar! * * * Bahar çiçəkləri Səd şükr bahar oldu, ötüb fəsli zimistan, Şuralar ilə ziynət alır səhni-gülüstan. Saçmış günəşin göylərə beynəlmil əlbət, Baş qaldırıyor xakidən əbnayi təbiət. Mənfaları tərk etmədə hicranzədə bülbül Sünbül daramış zülfünü, rüxsarın açıb gül. Beynəlmiləlin bülbül oxurkən bu şuarın Zanbaq gülüyor, nərgis açır çeşmi xumarın Kəklik də vurur qəhqəhə baxdıqca bu halə, Bu işrət üçün lalə tutub əldə piyalə. Məhv oldu xəzan dəhşəti əbnayi-çəməndən Artıq çəkil ey zülmü sitəm şanlı vətəndən. Azadə vətən hürr süxən bizdə mühübbə Hər qəryədə, hər göydə açılsın yeni şura! Bülbüllərə zindan kəsilən sahəti gülşən Güllərlə bəzənsin, ucalansın gülü süsən! Bir şəmsi-həqiqət yerə salsın da ziyasın, Birləşdirəlim ta ki, bu gülşən füqərasın! * * * Şe’r və məhəbbət Şadam səri-kuyində nikahban ola bilsəm, Bir dəm hərəmi vəslinə mehman ola bilsəm. Bir xəndeyi məs’ud ilə qılsın məni təqyid, Şövqüm, həvəsim, təb’im olur bir daha təzyid, Şe’rimlə müqabil duramaz xameyi tənqid, Vəsfi ləbi-lə’linlə qəzəlxan ola bilsəm. Etdim nə qədər dərsi-qəmi-eşqini təhsil, Heç gül səni çeşmində fəqət qılmadı təmsil, Təb’im edəməzmiş vərəqi-hüsnünü təkmil, Eşqində yüz il tifli-dəbistan ola bilsəm. Baxsam gülə səndən sora əş’arıma lə’nət, Hüsnün var ikən qönçeyi xəndanə nə hacət? Atəşdə yaxılsam girəməz fikrimə cənnət, Ağuşi-nəcibanədə bir an ola bilsəm. Göftarını bir ləhzə fəramuş edə bilməm, Eldən mənə yüz tə’nələr olsun da çəkilməm, Ölməm, fələkin pənceyi-qəhrində əzilməm, Səncə sevilən bəxtəvər insan ola bilsəm. Bir mehr ilə baxsın mənə ol dideyi-səhhar, Yüz il yaşar, ölməz, dirilər aşiqi-bimar, Min dəsti-əcəl eyləyəməz ruhimi naçar, Dəstində sənin layiqi-dərman ola bilsəm. Min dəfə əzilsəm bu görülməz sitəmində, Məhv olsam əgər firqəti-əbruyi-qəmində, Şadam yenə xak olsa vücudim qədəmində, Bir çoxlarıtək payinə qurban ola bilsəm. * * * Aprel Aprel günəşi məndə bir düşüncə yaratdı, O düşüncə fikrimi işıq aləmə atdı. Mən günəşin nurundan zərrin qanad alınca, Qanadlanıb uçaram bir yenilik dalınca. Quşlar nəğməyə başlar, ruzikarlar tar çalar, Şadlığından qönçələr köynəyini parçalar. Bağçalar qurtarınca qışın əsirliyindən, Körpə otlar qol açar beşiyinin içindən. Halələrdən rəng alır çiçəklərin çöhrəsi, Hər quşun dodağında böyük bayram nəğməsi, Bu nəğmədir şe’rimə ilham verən, can verən, Bu nəğmədir həyatın damarına qan verən. * * * Dinsizlik özü də bir dindir Dinsizliyi tərvicdən əl çəkmədim əsla, Zira məni hürriyyətə sövq etdi bu sevda. Əfkarımı bir zərrə usandırmadı tənqid, Atəşli cəhənnəm də məni qılmadı təhdid. Biganə bilib məndən uzaqlaşdı cəmaət, Aldırmadı kəndisinə bir kimsə nəhayət, Nifrətlər edərkən mənə din oğrusu insan, Buldum fəqət azadə nəfəs almağa imkan. Nə dinə, nə şər’ə, nə də qur’ana baxardım, Bir din olaraq onları kəndimdə arardım. Mahiyyətimi yazmadı İncilinə İsa, Əfkarımı dərc etmədi Tövratına Musa. Nə qibləyə səcdə, nə namazında rukuim, Mən din ikən olmazdı Məhəmmədlə rücuim. Yox onlara hissimdə nə nifrət, nə məhəbbət, Hələ nə yapır qoy yapa qafil bəşəriyyət. Din əhlinə də kəşf olur axırda müəmma, Dinsizliyi dinindən alırmış kişi zira. Getdikcə doğar əski cahandan yeni aləm, Bid’ətlər ölür, dəhrə gəlir ayrı bir adəm. Dinin də olur zəhrili mazisi fəramuş, Hərbin də olur yerdəki atəşləri xamuş. Övladi-vətən munis ikən sinfə bölünməz, Asayiş olur dəhrdə, hərbin üzü gülməz. Milliyyət üçün bir belə qan selləri axmaz, Din ordusu dəhşətlə cahan xalqını yaxmaz. Bir gündə ki, qalmaz nə şəriət, nə də rəhbər, Övraqi-əsatirə düşər ləfzi peyəmbər. Nadidə xudalar da çıxar fikri-bəşərdən, İnsan unudar yerdəki allahı nəzərdən. Göylərdəkinin yerdə nümayəndəsi qalmaz, Yerlərdəki allahı bəşər fikrinə almaz. Allaha güvənməz qan üçün bunca hökumət, Ruhani hökumətlərə qalmaz daha fürsət. Dinsizlik olar, bir daha qalmaz bu kəşakəş, Milliyyət ölər, həm də sönər yerdəki atəş. Bir din kimi dinsizlik olar sinfdə möhkəm, Ondan sora asayiş olar yerdə müsəlləm, Azad edər insanlığı din mə’rəkəsindən, Dinin bəşərə yağdığı təkfir səsindən. * * * Leninə Afağı ağladırsa da tə’siri-matəmin, Asudə yat, bu mövt ilə sarsılmaz aləmin. Bir qəl’ə tək təcəssüm edər qurduğun cahan, Qəbrinlə də cahana açarsan bir asiman. Milyon qabarlı əl çiçək atsın məzarına, Ölmüş bədən, fəqət əbədi bir şüarına. Cismin kömülsə xakə, kömülməz əməllərin, Daim cahandadır yenə himmətli əllərin. Mövtünlə şad olurmu bu qəddar düşmənin, Ölsən də sən, ürəklərimizdir nəşimənin. Biz də səninləyik, sənə səndən də məhrəmik, Fikrin, əməllərin kimi hər işdə möhkəmik. Alçaq ürəklər olmaya mövtünlə kamiyab, Ruhun da, heykəlin də, məzarın da inqilab! * * * Gürcüstan Mübarizə tarixində üstün bir ad daşıyan, Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan! Zülmə qarşı kəskin, dərin bir ədavət bəsləyən, Heç qorxmadan qışqıraraq «Çar rədd olsun!» səsləyən, Jandarmlar partladanlar, qələ’ələri yaranlar, Can verməklə ali, yüksək məqsədlərə varanlar. İşçilərin, kəndlilərin azadlığı yolunda, Çoxdan bəri ölməz, sönməz duyğu gördüm mən onda. Sinəsində polislərin qurşunları partlamış, Sarsılmadan ölümlərin üzərindən atlamış. Bu çarpışma işçisinə bir azadlıq vermədən, Üzərinə atılmışdı hər çıxışda bir düşmən. Lakin yenə çəkilməmiş o, məqsəddən, əməldən, Qurşunlara diz çökməmiş, sarsılmamış təməldən. Dəhşətlərin qarşısında o duyğular sönməmiş, Bir həqiqət olub qalmış, xülyalara dönməmiş. Padvallardan işçi sinfin inqilaba çağırmış, İstismarçı ünsürlərə «rədd ol» deyib bağırmış. Sürgün olmuş, məhv edilmiş, atılmışdır zindana, Ən nihayət öz varlığın tanıtdırmış hər yana. Menşeviklər ilan kimi sarılmışdı boynuna, Yeni zəncir hazırlardı o inqilab yurduna. Bir tərəfdən fransızlar, italyanlar didərdi, Hər ay başı bir cahangir dövlət gəlib-gedərdi. Zəli kimi qanın sorub qopmazdılar canından, Verməzdilər Oktyabra qoşulmağa bir imkan. Qabar əllər yenə yapdı zülmə qarşı bir üsyan, Kapitalist lakeylərin süpürmüşdür ortadan. O, məhv olmuş rəhbərlərin məzarının daşından, Düzəlmişdir məhv edilməz, təslim olmaz Gürcüstan! * * * Borjom Özümün əski xatıratımdan, Yeni bir şən səhifə açdım mən. Mənə münisdir ol vərəqparəm, Görürəm onda başqa bir aləm. Mən o aləmlə oynaram hər an, Daima xatırımda Kürcüstan. O düşüncəm böyük bir əyləncə, Borjom ən çox səfalıdır mənçə. O yerin hər daşında bir dünya, Ayrı ay, ayrı ulduz, ayrı səma. Bürümüş şəhəri yamyaşıl orman Dərələr səhnə, şaxələr rəqsan. O yaşıl, nəğməzar gülşəndə, Oxuyur min tüyür pür xəndə. Öylə bir dilruba göyərmiş çam, Çəkib hər şaxəsin birər rəssam. Quşlar azadə, yox dəmir məhbəs, Dinlənir hər məsirədən bir səs. Musiqi məclisindəyəm kuya, Məni əyləndirirdi ol dünya. Uçar azadə ormanın pərisi, Hər quşun öz yanında sevgilisi. Hər çam altında eşqdən söhbət, Daima bir müvəqqəti ülfət. Hər çiçək öz təbii halında, Hər kəs öz eşqinin xəyalında... * * * Bahar Günəş sallanaraq qardan öpəndə, Bağlar gül açanda, bülbül güləndə, Qızlar çölə çıxıb rəqs eliyəndə, Ey şair, o zaman gəl bizim kəndə! Qönçələr atanda üzündən örpək, Dağlar al çiçəkdən geyəndə köynək, Təbiət dağlara verəndə zinət, Bülbüllər şe’r oxur bahar deyərək. * * * Ay Aldanmış əməllər kimi sən, ey sarı məş’əl! Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl! Xülya kimi yüksəl, nə qədər yüksələcəksən, Sönmüşsən, o sönməkləmi qalib gələcəksən? Hər kəs uçalıqdan yeni bir zövq alır əlbət, Təhsilinə can qoysa da, sərf etsə də himmət. Lakin tutamaz kimsə o yüksəkliyi möhkəm, Qalxsan da, uçalsan da düşərsən yerə sən həm. Cəmiyyətə bir iz burax öz yüksəlişindən İz yoxsa əmin olma həyatın gedişindən. Səndən gecələr nur alaraq parlayır afaq, Ay, sən ləkə altında durursan özün ancaq! Daim üzündə var qara bir ləkə Hər ufaq bir duman sənə təhlükə. Xalqdan daima yüksək durmağa, Mühitdə yeni bir həyat qurmağa, Ləkədən təmizlən hər işdən qabaq, Bunsuz mümkün deyil qalxmaq, parlamaq. Özkənin işığın üzərindən at, Özündə sönməyən bir işıq yarat! İşıq sal qaranlıq məmləkətlərə, Üfüqlər dağıdıb parla bir kərə! Mühitin bənzəsin günəş yurduna, Qaranlıq dumanlar çəkməsin ona. Sə’yinlə günəşdən yeni bir nur alaraq çıx, Qabil olamazsan buna, çıx səhnədən artıq! Doğdun, gecə-gündüz, yenilik doğmadın amma, Aləm yeni, lakin yenilik səncə müəmma. Bərraqsan, ancaq olamazsan günə hakim, Sevməzsən işıq, zatına mütləq gecə lazım! Sonsuz dənizlərin köksün yırtaraq Dalğalar üstündə düzmüşük «mayak» Qaranlıq dünyanı işıqlandıran, Atəş işlətmədən fənər yandıran, Dahilər yaradan, dünyalar tapan, Zəhmətdən sarsılmaz qalalar yapan, Əski dünyaları kökündən yıxan, Qartaltək fırlanıb göylərə çıxan, Bizik, biz sönməyən bir günəşdəniz, Sənətdən buraxan silinməz bir iz. Biz bir günəşik, ay deyil artıq bizə mənzur, Zülmətli, qaranlıq gecələr bizdən alır nur. Təslim alarıq selləri, tufanları bizlər, İnlər ayaq altında məhəbbətli dənizlər. Biz sönməmişik, parlaq hünər ölkəsiyik biz, Məğrur təbiət yıxa bilməz bizi hərgiz. Şimşək saça dəhşət bu yerin bir ufuğundə, Məhv eyləyərik göyləri atəşlər içində. Biz ay deyilik, bilmərik inçəlmək, əzilmək, Dəhşətli deyil iş görüb insan kimi ölmək. Ey sönmüş əməl, gəl işıq al, sən’ətimizdən! Yüksəlmək üçün feyz ara cəmiyyətimizdən! * * * Sindan Saç xariqələr, dəhri qoy e’cazına heyran, Əzmində, səbatında qüsur eyləmə bir an. Tab elə ki, üstündədi hər bir yeni siqlət, Aç sinəni atəşlərə, alsın bəşər ibrət. Atəşlə dəmir eyləməsin əzminə tə’sir, Od yağsa havadan verəməz çəbhənə təğyir. Çarpış, vuruş atəşlə, dəmirlərlə dəmadəm, Bir gün sənə təslim olacaqdır bütün aləm! Məhv etməyəcək zatını minlərcə kəşakeş. Dəhr olsa cəhənnəm, səni məhv etməz o atəş. Qorxma, çıxamaz qarşına heç bir qara qüvvət, Bax arxana, yardımçıdır amalına zəhmət. Sə’y elə ki, qarşında gəlib diz çökə düşmən, Sə’yinlə bütün zəhməti birləşdirəcəksən. Mumlartək əzildikcə dəmirlər üzərində, Şimşək çaxıb atəş saçılar dövrbərində. Ancaq qaçıb alçalma! Yox alçaqlığa meydan, Baxsın sənə, altunlara alçalmasın insan. Dinc olmayacaqsan yeniləşməzsə bu dünya, Düşmən diridir, ol yeni bir hərbə müheyya. Sən kəndini qalib çıxar atəşlər içindən, Zəhmət dəxi öz çəbhəsini verməsin əldən. * * * Ararat dağı 1 Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim, Tufanların ninnisindən bəslənmişdir bədənim. Dalğaların qarşısında yorulmadan durardım, Dəhşətlərin üzərində bir gələcək qurardım. Ürəyimdə hücumların zərbəsindən var izlər, Sarsıtmazdı məni əsla dəhşət saçan dənizlər. Əzildikcə əzmim artdı, səbr etməkdən usandım, Ayaqlandım, onunla da qəflətimdən oyandım. Bir gün gəldi dəhşətimlə atəş saçdım hər yana Vulkanlarla zəfər çaldım, ibrət oldum insana. İldırım tək dağı yardım, dənizləri qurutdum, Sahillərə izlər açdım, məqsədimi yürütdüm. Alovlanıb suya qarşı atəşimlə partladım, Mətanətim yardım etdi, üfüqləri atladım. Bir mübariz kimi mən də dəhrə gərdim sinəmi, Mövclərin çənkəsindən dartıb aldım bir gəmi. O gəmidən hər tərəfə əsatirlər dağıtdım, Ondan «Yafəs» əfsanəsin dünyalara mən atdım. 2 Ətrafımda baş qaldırdı hökmdarlar, krallar, Əsrlərcə məni yenə dinc qoymadı o hallar. Feodallar yıxmamış yurd, yaxmamış kənd qoymadı, Bir-birini çeynəməkdən dərəbəylər doymadı. Hücumlardan evlər yandı, dinc ölkələr talandı, İnsan qanı tökdürənlər məmləkətlər qazandı. Qudurğanlar insan udub, qan üstündən keçərkən, Susamışlar su yerinə insan qanı içərkən, Mən yenə də o qanlara məhzun-məhzun baxardım, Üfüqlərə buz yağdıran soyuq ahlar taxardım. Ürəyimdən soyuq ahlar doğurarkən o qanlar, Buz yağdıran ahlarımla qalınlaşan dumanlar, Təpəm üstdə güllər açmaz, lalə bağrın dağlamaz, Daşlarımda bülbül uçmaz, qartal yuva bağlamaz, Göyərçinlər qanad çalıb qona bilməz sinəmə, Ur kəkliklər qayam üstdə edə bilməz zum-zuma, Ovçu gəzməz qarlarımda, çeyran çıxmaz başıma. Buz yurduyam, ildırımlar düşsə sönər daşıma. 3 Köçərilər vətəndaşım, ufaq dağlar yoldaşım, Quzuların nənnisidir hər bucağım, hər daşım, Döşlərimdə Bayazetdən axıb gələn sürülər, Calalinin yavruları əmcəkimdən süd əmər. Bitlis eli sübh çağılar başım üstdən keçəndə, Kürd qızının saçın darar bulağımdan içəndə. Daşlarımdan ötən zaman Baş qəl’ənin yelləri, Sünbül kimi qarışdırar hörülməmiş telləri. Maral gəlin at belində tərlan kimi süzəndə, Al çalmanın saçaqların qaş üstündə düzəndə. Alaçıqdan görünəntək kürd qızının şəlməsi, Eşidilir hər qayadan bir çobanın nəğməsi. Köçlə gəlir Xəlilkəndən, Sürməlidən, Makudan, Sağ-solumda Ermənistan, Əcəmistan, Naxçıvan, Yaylağımda el barınar, gül bədənlər bəslənir, Obaların arxasında kəkliklərim səslənir. Yay başa-baş qucağımda məhəbbətlər, sevgilər, Sevgilərim intihasız, eşqlərim bikədər. Təbiətin yaratdığı vəsməsiz qaş, al yanaq, Şe’rlərin məzmunudur bəzəksiz üz, gül dodaq. Çiçək qovluq, mina sırğa, pənbə bilək, ağ boyun, İlham verər şairlərə incə şimşad boy-buxun. Bir gün gəlsin üzərimdən müzləm duman çəkilsin, Araratın hər yanında qızıl güllər açılsın. Əfsanələr unudulsun, əsatirlər yox olsun, Xurafatın qəbri üstə yeni həyat qurulsun. * * * Mə’bəd Bir yığın daş kömülmüşdür torpaqların qoynunda Dün keçərkən həzin bir səs dinləyirdim mən onda. Dinlənirdi hər bucaqdan hiss edilməz bir səda, Hər səmtində birər rə’ya, hər daşında macəra. Üstü çökmüş bu mə’bədin divarları əzilmiş, Hər sınıq daş bir kitabə, hər xərabə bir keçmiş. Novdan düşmüş, qübbəsinin ot göyərmiş başında. Qaranquşlar yuva tutmuş divarında, daşında. Qabartmalar sınıb solmuş, pəncərələr tökülmüş, Minarəsi yeni nəslə səcdə üçün bükülmüş. Hər düşürüm bir uçurum, hər pilləkən bir dəhşət, Burdan kimlər düşüb-çıxmış? Bu sualdan al ibrət! Bir mə’bədin yoludurmu axıb uçan pilləkən? Qapısında quşlar oynar, göyərçinlər inildər. Parçalanmış qalın tağlar, əzilmişdir daş sütun, Mehrabından nişan varsa, mənbər yoxdur büsbütün. Mühitini çulğamışdır ağır, kəsif bir hava, Bacaların torpaq basmış, heç tərəfdən yox ziya. O yer daim qaranlıqdır: axşam, səhər, günorta. Şəbpərələr uçuşurlar rəvağında, tağında, Dilbər sütun daşlarında balalamış siçanlar, Torpağının üzərində iz buraxmış ilanlar. Mehrabında tısbağalar, qibləsində kirpilər, Səcdəkahda qırxayaqlar, həzin-həzin sürünər. Hər yanında asılmışkən əlvan qəndil bir zaman, Qəndil yerin baxıb gördüm hasarlamış toratan. Behişt üçün bir gün burdan aramışlar yol ancaq, İndi bunun hər tərəfi cəhənnəmdən bir bucaq. Çarpışmadan yorulanlar, cəmiyyətdən qaçanlar, Təbiətə allah deyib əlin göyə açanlar, Taleyinə düşmən deyən ixtiyarlar və gənclər, Həp bu yerdən istəmişdir qılsın özün bəxtiyar. Təbiəti anlamaqdan aciz qalan babalar, Fikr irişməz bir qüvvətə sapıb qılmış ah-zar. Həp burada dərdin demiş, zarıldamış, inləmiş, Ancaq onu allah deyil, daş sütunlar dinləmiş. Yalvarışlar hədər getmiş, dinlənməmiş bu səslər, Səqflərdə iz qaldırmış ancaq həzin nəfəslər. İlan gəzən bu torpaqda milyon başlar əyilmiş, «Müqəddəs yer» siçanlara orada yuva deyilmiş. Bu mə’bəddən heç bir məzlum istədiyin almamış, Heç kəs burdan düşməninə qələbələr çalmamış. Doyurmamış bir gün olsun saillərin qarnını, Mən’ etməmiş hərblərdə axan insan qanını. Burdan çıxmış şəhid sözü, burdan cahad doğulmuş, Burdan avam vətənçilər qan selində boğulmuş. Bu yer hər gün vədələrlə insanları aldatmış, Hər hüququ zalimlərin öhdəsinə buraxmış. İnsanları köləliyə öyrətmişdir bu yerlər, Ondan ötrü bu ibrətli yerə mə’bəd deyirlər. Dəvət etmiş hər kişini əsirlikə, qulluğa, Düşürmüşdür necə nəsli zillətə, yoxsulluğa. Heç kimsənin hiss etməmiş ayaqlanan ismətin, Bunun üçün qazanmışdır yeni nəslin nifrətin. Bacardıqca insanları sinfə bölmüş, ayırmış, Azad xalqın birin məhkum, birin hakim qayırmış. Artıq bu yer unudulsun, nəzərlərdən atılsın, Daş-daş üstə qalmayaraq torpaqlara qatılsın. Üstü açıq sütunlara bayquş qonub ulasın, Mədəniyyət məhv eyləsin cəhalətin yuvasın! * * * Xan sarayı Qafil bayquş, kimlər üçün inildərsən, ağlarsan? Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan? Ağlayırsan yayda, qışda, şad deyilsən baharda, Bir sofitək ömr edirsən cəmiyyətdən kənarda. Ziya saçan bir günəşdən zövq almamış gözlərin, Köhnə dövrün dastanların xatırladır sözlərin. Bir bayquşsan, sağlam duyğu yer tutmamış başında, Məskən tutdun ot bitməyən viranənin daşında. İnləyirsən, o inləyiş nə üçündür? Qafil sən, Bilmədinmi hansı sinfin mədfənidir o məskən? Hər uçuğun altında var min kölənin məqbəri, Hər parça daş bir fəqirin sinəsinin mərməri, Hər qırıq daş bir əsirin parçalanmış başıdır, Hər bir sütun bir məzarın unudulmaz daşıdır. Min talesiz kömülmüşdür hər bucaqda, hər tində, Onlar şəhid adlanırmış «vətən-millət» hərbində. Hər kərpici bir satılmış məsum qızın qəlbidir, Hər bacası ağzın açmış mazilərdən bəhs edir. Hər tağında min müsibət, hər daşında bir ələm, Orda əsir qadınlardan düzəlmişdi bir hərəm. O tağların mühitində min sevgilər məhv olmuş, Min gənc qızın istəyinə burda axır qoyulmuş. Daim burda hökm edirmiş şəhvət, dəhşət, əziyyət, Burdan ancaq gözlənirmiş bayquşlara bir ülfət. Hələ durur zindanlarda zəncir əzmiş sümüklər, Bir məhv olmuş fəqir nəslin tarixidir o mənzər. Cəlladların buraxdığı qanlı izlər itməmiş, Bina bitmiş, o buraxan xatirələr bitməmiş. Burdan çıxan odlu fərman yaxıb-yıxıb boğurdu, Məzlumların sırasından mübarizlər doğurdu. Mübarizlər zülmə qarşı kin bəslərdi, dinməzdi, Məhv olsa da inləməzdi, bayquşluğu bilməzdi. Bir gün idi, bütün millət bayquş kimi inlərdi, O səsləri bir istiqbal gözləyənlər dinlərdi. Yox deyildi zülmə qarşı intiqamlar bəsləyən, Kin daşıyan rəncbərlərdən gizlin yardım səsləyən. Mənfaların, ölüm saçan zindanların içindən Zülmə qarşı canlanırdı aman verməz bir düşmən. Əsirlərin kəlləsindən tikilmişdir bu bina, İndi artıq çevrilmişdir bayquşların yurduna. Bu gün onlar zülmü yıxıb qəti zəfər çaldılar, Bayquş gəzən yuvaları başqa şəklə saldılar. «Vətən-millət» cəbhələri ləğv edildi, məhv oldu, Yaşayışdan ötrü indi yeni bir yol qoyuldu. İndi gərək hər mübariz təbiətlə çarpışsın, Bayquşluğa yol verməsin, elmü fənnə yapışsın. Yeni dünya qurmaq üçün mübarizə etsinlər, Qəhrəmanlıq göstərsinlər, qələbəyə yetsinlər. Bayquşların səsi batsın, iniltilər qalmasın, Əzilmiş sinf bayquşların kim olduğun anlasın. Üfüqləri təmizləsin mənhus, mənfur səslərdən, Azad zəhmət ölkəsində dolanmasın bir düşmən. Ölkəmizdən uçub getsin, ulamasın bayquşlar, Yeni nəslin dünyasına yaddır bütün o quşlar. Xərabələr üzərində kaşanələr yüksəlsin, Hər məzlumun sinəsində bir tunc heykəl dikəlsin. * * * Diliçan yolunda I Yüksək təpələrin hakim bir çaya Sıldır qayaların hayıldır aya. Qoynunda doğulur ulduzun, ayın, İlantək qıvrılıb sürünür çayın. Bəslənir qoynunda sakin bir hava, Vərəmlər sağaldan həkimsiz dava. Dağların bürünmüş ipəkdən dona, Ağ bürüncək örtmüş yaşılbaş sona. Ayın şəfəqindən yanır məş’əlin, Hər çamın kölgəsi rəqsan bir gəlin. Yoxuşun meşədir, enişin çayır, Büsbütün varlığın çalıb-oynayır. Bir gəlin boyudur hər yaşıl çamın, Nəqşəni çox gözəl çəkib rəssamın. Maralın fınxırar, çeyranın mələr, Səhnəsən varındır əlvan pərdələr. Ovçular gəzməmiş keçilməz «dərən», Kino lentasıdır sahir mənzərən. Yaşıl tarlaların, sonsuz ormanın, Varlığın tanıdır Ermənistanın. Yarpaqlar dalından çıxan ulduzun, Gözün xatırladır mən görən qızın. Hər yanın bir yığın sünbül arxaçı, Uyumuş gəlinin dağınıq saçı. Baxışın bir ana, qucağın çəmən, Çiçəkdən çoçuğun, buluddan məmən. Quzular yüyürür sərin qoynuna, Yavrular qolunu salır boynuna. Baltalar dəyməmiş gənc ağacların, Turac oynağıdır gül yamaçların. Hər qarış torpağın bir çiçək kolu Şairlər ilhamı Diliçan yolu. II Kərəm körpüsü Dəyişmiş baxışın, həyatın, işin, Sənə çox uzaqdır yaxın keçmişin. Meşəndən kəsilmiş canavar səsi, İnqilabçı nəslin azad ölkəsi! Qaymaqlı döşlərin, südlü yaylağın, Ballı bulaqların, çeşməli dağın, Bağların almalıq, çaylağın söyüd, Qucağında məs’ud yavrular böyüt! Analar balasın tapşırır sənə, Diliçan yaylası, mehriban ana! Bir yanın Bayazid, bir yanın Qazax, Vəsfin tamam olmaz kitablar yazaq. Laylayın çağırır Ağmangal dağı, Ninnini oxuyur Göyçə yaylağı. Molla qayasından keçdiyim zaman Elə hiss etdim ki, dedilər «Dayan!» Dedilər başqadır bu yerin şahı, Kərəmdir buranın qadir allahı. Kərəm görməmişdir allahdan kömək, Ona nicat vermiş üsyan eləmək. Dövlət yardım etdi mülkədar bəyə, İstəyir Kərəmin dilin kəsməyə. Kərəm öz əzmindən bir qüvvət tapır, Zalimlərə qarşı bir üsyan yapır. «Kərəm bazarı»dır gördüyün dərə, Bax qurşun buraxan dərin izlərə, O izlər bir düşün nələr söyləyir?! Sənə bir üsyanın tarixin deyir. Kərəm körpüsünün hər iki yanı. Qazax ellərinin köçü, karvanı, İldə bir bu yerin suyundan içər, Üsyançı Kərəmi salamlar keçər. III Köç May girən kimi köçlər başlanır, Kəndlər buraxılır, yurdlar daşlanır. Örüşün buraxan, evin tərk edən, Əkinin biçməmiş yüklənib gedən, Arabasın çəkən, camışın qoşan, Yollarda başlanır «çoşan ha çoşan». Xəncərin bağlayan, atın nallayan, Toyuğun kişləyən, köpək yallıyan, Tüfəngin götürən, çəkməsin geyən, Öküzün çullayan, at yəhərliyən, Yaxdanın dolduran, yükün bağlayan, Keçəsin yamayan, çarxın yağlayan, Ələyin, xəlbirin, təhnəsin, tasın, Taxta tabağların, mis qazançasın, Asmış arabadan qavalın, tarın, Başına toplamış yoldaşın, yarın. Hər kəs qız-qadının çıxarmış yola, Boylu gəlinləri salmış qol-qola, Quzusun kişləyir Pirili qızı, Nimtənəsi əlvan, şalı qırmızı. «Ağ köynək» köçünün keçəsi sarı, İçində çalınır qavalı, tarı. Xatınlı qızının qızıldır işi, Onlarda iş görməz bir nəfər kişi. Hər kəsə rast gəldim Daş Salahlıdan Köroğlu çağıran, cıdır oynadan. Qədirli qızları oxuyur, çalır, Ayrımlı çobanın qərarın alır. Aslanbəyli qızı atıb yaşmağı, Gülabətin börkü, sarı başmağı. Şıxlı köçləridir bütün yol boyu, Qarabəsənlinin yoldadır toyu. Alpalaslı köçlər çilovdarlıdır, Musaköylü bütün bəydir, varlıdır. Çaylı köçləridir çayların başı, Qadınlar bürünüb, görünür qaşı. Yalnız qadın gördüm Səmədbəylidən «Meydan» döşlərinə dırmanıb gedən. Daşkəsəmənli qız oxuyur, gülür, Qaynanası yatır, əri mürkülür. Dəmirçi çıldırmış camışın döyür, Uşağa çımxırır, qadının söyür. Öküzlülər geymiş şirvani çarıx, Kahlı çuxaları, döşlü arxalıq. Hər biri bir çomaq götürmüş ələ, Qarapapaqlılar köhnədir hələ. «Kəmərlər» bulaşmış toza, torpağa, Arıx camışların qaldırır dağa. Əskiparalının çoxdur zəhməti, Bütün ayaqyalın köçü-külfəti. Kosalardan çıxan qocadır, qarı, Qırışmış boynunda şəddə mirvarı. Örkəməzli gəlin gözlərin süzür, Çinaylı qarısı dodağın büzür. Albaut qızları yüksəlir dağa, Çəbkəni qumaşdan, tumanı xara. Qaymaqlı köçüdür, Diliçan çalı, Quzusundan artıq çoçuğun sayı. Duzqışlaq xalqının işi mə’rəkə, Adam istər onun söyüşün çəkə. Çırdaxan kişisi yatır xan kimi, Qadını yamanlar tərs baxan kimi. Bir qayanın dibin tutar hər biri Yoxdur köçərinin müəyyən yeri. Bilməz əkin əkmək, bilməz işləmək, Peşəsi dağlarda qoyun kişləmək. Mədəni bir həyat qurmaq istəməz, Ölüb məhv olsa da yoruldum deməz. Onun vətənidir gündə bir qapı, Camış belindədir bütün yük-yapı. Ac qalar bir toxum salmaz torpağa, May gəlcək ağzını çevirər dağa. Oturax həyatın dadın anlamaz, Köçmə desən sənə eylər e’tiraz. Dağlarda doğulur, dağlarda ölür, Köçəri həyatı belə ölçülür. IV Fəqir köçlər Varlı köçlərindən yazdıq bir kərə, İndi gəl baxalım fəqir köçlərə. Var-yox bir cüt öküz, dörd arıq qoyun, Qonşudan borc almış bir dağarcıq un. Arabası sınıq, öküz də arıq, Piyada getməyə tapmamış çarıq. Yağış şiddətlənir, gecələr damır, Təbiət ac bilmir, fəqir anlamır. Çamıra quylanmış hərlənməz təkər, Öküzləri döyər, «ya Əli» çəkər. Nə qüvvətli qolu, nə qızğın gəli, Yolun ortasında çəkər «ya Əli». Bütün müqəddəslər gəlir ortaya, Ancaq körpü çəkməz o çoşqun çaya. Kəndli verər artıq qoyunun selə, Dalı qalar köçdən, yetişməz elə. Ağırlığın tökər, öküzün satar, Arabasın yaxar, təkərin atar. Ər-arvad çoçuğun atar dalına, Tuman-köynəyini bağlar şalına, Qayıdar arana yeni yolçular Əski komasından bir nicat duyar. Köçəri xalqların belədir işi, Hər il fəqirləşir bir neçə kişi. Gəzəcək çayların başın birbəbir Hər yerdə görərsən iki-üç qəbir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.