Sevgilər Məmməd Səid Ordubadi (1872–1950) Sevgilər (Əski Misir və Kən’anlıların həyatından alınmış əsərdir.) İştirak edənlər Cad – Yə’qubun oğulları. Nəfta – Yə’qubun oğulları. Şəm’un – Yə’qubun oğulları. Yəhuda – Yə’qubun oğulları. Dan – Yə’qubun oğulları. Raubin – Yə’qubun oğulları. Yusif – Yə’qubun oğulları. Malik – karvan başçısı. Xadim – onun qulluqçusu. Xəfra – misirli tacirlər. Men’es – misirli tacirlər. Ego – misirli tacirlər. Amenoxis – misirli tacirlər. Azib – misirli qadınlar. Tutmas – misirli qadınlar. Tutmazis – misirli kişi. Züleyxa – varlı bir qadın. Əzizi-Misir – Züleyxanın əri. Tadoxina – varlı aristokrat qadınlar. Aponet – varlı aristokrat qadınlar. Giloğana – varlı aristokrat qadınlar. Xanşensut – varlı aristokrat qadınlar. Fir’on – Misir hökmdarı. Asnat – onun arvadı. Qara bir qadın – Asnatın xidmətçisi. Bir dəstə rəqs edən qadın. Bir dəstə oxuyan qadın və gənclər. * * * Birinci pərdə Birinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır. Cad — Qovurur beynimi atəşli səma, Bir cəhənnəm bu hərarətlə fəza. Qarışıb qumlara qaynar bədənim, Bir yanar oddan ibarət vətənim. Bu əziyyətlə sevilməm yenə mən, Ölürəm məhbəsim olmuş bu vətən. Bir oğultək məni sevməz pədərim, Min həqarət doğur axşam-səhərim. Altun olsam da məni sevməyəcək, Yaşadıqca məni təhqir edəcək. Köləyəm mən, köləđir çünki anam, Ondan ötrü məni sevməzmiş atam. Nəfta — (Kinayə ilə) Sən doğulsaydın əgər Rahilədən, Sevdirərdim səni Yusif kimi mən. Çobanıq biz, atamız saymış həqir, Köləyik biz, o, əsilzadə sevir. Hamımız onca dəyərsiz bir oğul, Hələlik Rahilənin oğlu qəbul. Bu şərəfsizliyi mən heç çəkəməm, Qoy bütün varlığım olsun bərhəm. Şaşıram Yusifi sevdikcə o pir, Kişilərtək ölərəm olmam əsir. İntiqam almamış aram olmam, Öz qüsurundan utansın qoy atam. Şəm’un — (Arxasında bir dağarcıq yemək şeyləri olduğu halda öz-özünə danışaraq gəlir) Daima keçdi çobanlıqda həyat, Üzümüz gülmədi heyhat-heyhat! Bu həqarətlərə yox başqa cəhət, Atamızdır yenə nöqsanlı, əvət. Bir oğul çox sevilirsə, biri az, Belə bir ailə xoşbəxt olmaz. Yəhuda xurma ağaçlarının altında yatmışdır. Bu danışıqları eşidərək oyanmaq istəyir. Nəfta — (Şəm’una) Sus daha dinmə, danışdınsa yetər! Bu işi vermə Yəhudaya xəbər. Yəhuda — (Gözlərini silə-silə gəlir) Qorxmayın, mən də həmin fikirdəyəm, Sizə heç fikirdə xain deyiləm. Atamız fitnələr eylər icad, Sevgisindən doğulur bizdə fəsad. Yusif istəkli oğul, bizsə çoban, Atamın cümlə təşəbbüsləri qan. Atamız bizlə rəqabətlər açar, Gələcək sülhə birər süngü saçar. Səhvin islaha çalışmazsa əgər, Dözəməm qəmlərə, dözdümsə yetər. Mən özüm Yusifə xain deyiləm, Həsədim məndə çəkilməz bir ələm. Ola, ya olmaya Yusifdə günah, Yenə də olmuşam ondan ikrah. Raubin — (Arxasında bir tuluq su gəlir) Qardaş öz qardaşına xain ikən, Gülürəm ailənin sülhünə mən. Əqlisiz, duyğusuz övladı ata, Nə məziyyətlə sevərmiş əcəba? Özümüz sevgiyə layiq deyilik, Ona kəndimizi sevdirməmişik, Eybdir Yusifi tənqid etmək, Fəxr edək, çünki bizimdir o çiçək. Biz kimi xaini sevməzsə o pir, Məncə Yusifdə deyildir təqsir. Nəfta — (Qılıncı çəkib Raubinə hücum edərkən qardaşları mane olur). Qaçma dur, öldürüm əvvəlcə səni, Bu həqarətlər usandırdı məni. Dün keçərkən eşidirdim qapıdan, Yusif eylərdi bir əfsanə bəyan. Dedi Yə’quba o xülyalarını, Söyləyirdi ona rö’yalarını. Onu tə’bir edərək xain atam, Bizləri Yusifə qul etdi tamam. Yusif təpənin üstündə görünür. Şəm’un — (Nəftaya) Sakit ol, faidəsizdir bu səda, Yox çığırmaqda, bağırmaqda dəva. Hilədən məqsədə yol tapsaq əgər, Qorxmayın, kəsb edərik fəthi-zəfər. Cad — Heç siyasət bir əlac etməyəcək, Müşkülü birçə qılınc həll edəcək! Yusif — (Gəlib yetişir) Bir təhlükədir məncə bu atəşli səyahət, Yox məndə cəhənnəmləri seyr etməyə taqət. Hissimdə böyük qorxu doğurmuş bu tamaşa, Mən sizdə məhəbbət qoxusun duymadım əsla. Qardaş deyərəkdən sizə ruhumla inandım, Bir hilə zühurunda fəqət səhvimi qandım. Sizlərdə vəfa olmadığın bilməz ikən mən, Heç kimsəni fikr etməz idim zatimə düşmən. Qardaş deyərək düşmənə aldanmışam hər dəm, Əksinçə zühur etdi mənim cümlə düşüncəm. Şəm’un — Çox etmə fəğan, şad olacaqsan bu yuxundan. Yəhuda — Ulduzlar olar imdi sənə burda nigəhban. Cad — Etdiklərimiz məncə deyil zatinə təhqir. Dan — Nəql eylədiyin vaqiədən bir yeni tə’bir. Nəfta — (Yusifin yaxasından tutur) Ay, gün edəcək indi sənə səcdə bu yerdə, Şəm’un — Sultan olacaqsan bu səadətli səfərdə. Yəhuda — Çəksən bu gün aclıqda, susuzluqda məşəqqət, Bir gün gələcək üz verəcəkdir sənə ne’mət. Dan — Rö’yaya qapıldın, quru xülyaya inandın, Şəm’un — (Vurur) Sultan olacaq günlərini doğurmu sandın? Yəhuda — Şad olma əbəs, vermərik ol fürsətə imkan, Dan — Xülyaların artıq çıxacaq burda yadından. Yusif — (Raubinə sıxılır) Bir öylə vəfasızlığa yol verməmişəm mən, Qardaşlarım olsun mənə cani kimi düşmən. Lakin nə edim məndə əgər yoxsa da nöqsan, Qardaşlarımın şübhəsi yapmış mənə üsyan. Nöqsanlı bəşər məhv olur öz şübhələrində, Kəndisi deyil şübhədən ayrı nəzərində. Xəllaqi müəmma, səbəbi-xilqəti mübhəm, Bayğın bəşərin varlığı bir şübhə müsəlləm. Bir maddə ki, öz varlığını bilməmiş hala, Təhlilinə heç fəlsəfə yol tapmamış əsla. Raubin — Qoymam səni bir kimsə vurub etsin əziyyət, Bir qətlə varıb çıxmayacaqdır bu cinayət. Ruhim var ikən öldürə bilməz səni bir kəs, Dünyanı fəqət varlığın etmiş bizə məhbəs. Tə’mini-həyat etməyə qətlin bizə mətlub, Bu qətlə rizayəm mən əgər olmasa Yə’qub. Şəm’un — Bilməm bu nə xülya, bu nə sərsəm, bu nə göftar? Dan — (Açıqlı) Əvvəlcə bu xülyanı nədən qılmadın izhar? Cad — Sən də bizə Yusif kimi bir düşmən imişsən, Yəhuda — Qardaşlarına verdiyin iqrarına əhsən! Şəm’un — Kən’anə bu gün Yusif əgər eyləsə övdət, Dan — Bax bir nə olar gördüyünü eyləsə söhbət?! Yəhuda — (Raubinin yaxasını tutur) Səhv eyləmə, söylə nə olur halımız ondan? Cad — At fikrini, hifz etmə bunu, sapma yolundan! Şəm’un — Məhv eyləyəlim bir daha bitsin bu kəşakəş. Yəhuda — Yoxsa yaxacaq bizləri axırda bu atəş Dan — Qətl etməliyik Yusifi gülsün bizə iqbal. Cad — (Raubinə) Bir çarə düşün, varlığımız olmaya pamal. Şəm’un — (Raubinə) Öz əzmi-səbatında durub eyləmə nöqsan. Yəhuda — On bir kişini eyləmə bir Yusifə qurban. Yusif — Ölmək məni bir zərrəçə qorxutmayır əsla! Yoxsa belə cahil yaşayışlarda nə mə’na? Bir məqsəd üçündür yaşamaq dəhrdə ancaq, Biləks ölümdən çəkilən varmı bir alçaq? Min dəfə öləm verməz ölüm qəlbimə dəhşət, Ancaq yaşasam eylərəm insanlığa xidmət. Şəm’un — (Yusifə) Qardaşlara bir nifrət oyandırdı hüzurun, Qoy kəndinə qalsın bu qədər kibrü qürurun. Nəfta — Ancaq qılınc iqbalını tə’yin edəcəkdir, Aləm bu cinayətlərə əhsən deyəcəkdir. Yəhuda — Boş bir quyuda eyləyəlim Yusifi pünhan, Qalsın o qaranlıq quyuda, ölsün acından. Əlvan edərik köynəyini qırmızı qandan, «Qurt yırtdı» deyib söylərik hər yerdə yalandan. Raubin — Razı deyiləm Yusifi məhv etməyə hərgiz, Ancaq bir uzaq ölkəyə qultək satarıq biz. Tutmuş bu yaxın sahədə bir qafilə məskən, Siz sakit olun Yusifi qultək sataram mən. Qardaşlar — (birdən) Yusif satılan vaxtda qaldırmaya bir səs, Qul olduğunu qafilədə qanmaya bir kəs. Yusifin yaxasından tutub dartıb aparırlar. Pərdə düşür. * * * İkinci pərdə Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir. Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir. Nəfta — (Qafiləyə) Bu qafilə yüklənib nə yerdən? Etmiş nə üçün bu yerdə məskən? Kimsiz, nəçisiz, sizə nə lazım? Bu qafilə hansı səmtə azim? Malik — (İrəli gəlir) Misrə gedəcək bu karvanım, Yox sizlərə burda bir ziyanım. Xalqım azacıq yorulduğundan Rahatlanırıq bu yerdə əl’an. Nəfta — Eyb eyləmə, məqsəd oldu zahir, Xoşdur bizə siz kimi müsafir. Tacirlər əgər edərsə məqbul, Satmaq dilərik bu yerdə bir qul. Malik — (Heyrətli) Quldurmu deyin, bu incə surət? Zibalığı məndə doğdu heyrət. Etmişmi xəta bu dilbər insan? Bağlandığına səbəb nə nöqsan? Yusif — Yox xarüqüladə bir təsadüf, Heyrət yeri yox gər olsan arif. Hər kimsə rəyasət axtarırkən, Bir şəxsə sitəm qılar müəyyən! Məncə qurulușdadır bu təqsir, Heyrət verəcək deyil bu təhqir. Malik — Sən bir köləsən vücudun üryan, Zülfün dağınıq, saçın pərişan. Heyrətdə qoyur məni məqalın, Bilməm nəçisən, nədir xəyalın? Bir iş duyamam bu sözlərindən, Bir şübhə oyandı gözlərindən. Nəfta — (Yusifi vurub susdurur) Dünyada bu anlamaz qulamın, Etdikcə riayət ehtiramın, Olmaz yenə bir ədəbli insan, Hər fikri, xəyalı qaçmaq, üsyan. Cad — Dünyaya dəyər bu hüsnü surət, Lakin buna gülməmiş təbiət. Əxlaqını pək fəna yaratmış, Təmkinin alıb, vüqarın atmış. Şəm’un — Bir gənc isə macərası çoxdur, Satmaqdan əlavə çarə yoxdur. Satmaq bunu başqa bir diyarə Kən’anə qayıtmasın dubarə. Ətrafıma toplanardı zəvvar. Yüz bülbül önümdə nəğməkirdar. Məhfuz ili varlığımla gülzar, Gül ruyimə söyləyirdi əş’ar. Hər kəs mənə bənzədərdi yarın, Məhbubi idim bütün diyarın. Bir mətlə’ idim qəsidələrdə, Namım yazılar nəşidələrdə. Gülzarda mən də bir gül asa, Bir qəmli xəzana düşdüm hala. Dün bir gül idim, bu günsə soldum, Gül yarpağıdək xəzankəş oldum. Yox məndə dəxi keçən məziyyət, Zira qoyulur libasa qiymət. Malik — (Xadiminə) Paltar gətirin bu qul geyinsin, Misr əhli görəndə rəğbət etsin. Xadim paltar gətirib Yusifə verir. Yusif paltarları geydiyi vaxt qafilə camaatı onun ətrafına toplanıb oxuyur: Sən gözəllikdə, sən vəcahətdə, Az doğulmuş bizim vilayətdə. Heyf ola tərbiyən deyil kamil, Surətin dilruba, özün cahil. Kölələr cahil olsalar səntək, Ölsə qanı hədər gedər bişək. Yusif — Güclülər hər nədən qalıb məmnun, Onu məzluma eyləmiş qanun. Məncə yox biz deyən qəzavü qədər, Yaradır hər bir ehtimalı bəşər. Malik — Yetər artıq bu əski fəlsəfələr, Sözlərin bir kinayədir yeksər. Gün çəkilmiş, yaxınlaşır axşam, Gecə vaxtında burda mən qalmam. (Karvana) Əmrdir karvan köçüb getsin! (Yusifə) Düş yola, boş hekayələr bitsin! Yusif — Acizlər əzilmədən tükənməz, Zalimlərin ehtirası bitməz. Bir təhlükədir bu qanlı aləm, Məhv olmadadır bəşər dəmadəm. Qanlardan alır bəşər səadət, Bir kəs yaşamır bu evdə rahət. Hər kimsə deyil böyük mübariz, Bir iş yapamaz, dayanmış aciz. Qan kasəsidir cahan ləbaləb, Pək qorxuludur bu qanlı məktəb. Malik — (açıqlı) Kimdir, de görüm cahanda məs’ul, Narazılığın nədəndir, ey qul? Əqlindəmi yoxsa bunca nöqsan? Həmnövünə tə’n edərmi insan? Xəfra — Vəqta ki, özün də bir bəşərsən. Men’es — Söylə nədən ötrü tən’ edərsən? Ego — İnsanla qıl ülfət, olma bədbin. Amenoxis — Cəmiyyəti qılma bunca tovhin. Malik — (Yusifin yaxasını dartır) Söylə bu nə şikvə, bu nə küsmək? İnsanların həpsi məncə yekrəng. Yusif — Yekrəng deyil bəşər, yanılma, Xülyaya qapılma, səhv qılma! Sən, mən bir hüquqa malik olsaq, Yekrəng olarız biz onda ancaq. Mən birçə nəfər əsirü məhkum, Hər fikirdə, hər əməldə məhrum. Sən bir ağasan hər işdə hakim, Məzlum ilə yar olurmu zalim? Xadim — (Yusifi kənara atır) Rədd ol buradan, çəkil! Kənar ol! Hədyan demə, sus da, huşiyar ol! (Yusifi sürüyüb aparır). Pərdə düşür. * * * Üçüncü pərdə Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır. Malik — (Yusifə) Halın nədən oldu bəs pərişan? Hər odlu baxışların bir üsyan. Üsyanı, inadı at özündən, Qan yaşları tökmə çox gözündən. Hər kəs sənə baxsa, eylə hörmət, Hazırda vəzifən işbu xidmət. Şad ol yenə parlasın camalın, Haqqımda böyük cəfa bu halın. Yusif — Hansı işə söylə şad olum mən? Heyrət məni qarşılar bu yerdən. Bunlar nəçidir? Nədir bu bazar? Mən şad olamam bu yerdə naçar. Xadim — Son mərhələdir, çox etmə nala, Ta inciməsin baxan bu halə. Xəfra — Baxma yerə, ey nəhali-növrəs, Sevdir özünü baxanda hər kəs! Səndə hanı mən görən təbəssüm? Gül, cəzb ola məhzərində mərdüm. Yusif — (Xəfraya) Eyb etmə bu odlu ah-zarə, İnsan qoyulurmu ehtikarə? Aqil bu həyata ağlamazmı? Söylə mənə, bu cəfalar azmı? Malik — Anla, sənə verdim əlli dirhəm, Gəl rəhmə, yamanlıq etmə sən həm! Gər versə zərər mənə bu sövda, Olmaz sənə də səadət əsla. Olmazsa əgər bu yerdə bazar, Köç etməliyik İraqa naçar. Yusif — Var məndə birər böyük həqiqət, Dinlə məni, al bu işdən ibrət! Mən bir neçə həftə bundan əvvəl, Rahat yaşayan zaman mükəmməl, Həp bir əbədiyyət hiss edərdim, Zira yox idi bir özgə dərdim. Qılmışdı məni əhatə ne’mət, Hər mənzərəm ayrı bir məsərrət. İndisə dəyişmişəm cahanı, Mən’ eyləmə etdiyim fəğanı. Mən qulluğa etməmişkən adət, Məndən tələb etmə ayrı halət. Təbdil olacaq sənin də halın, Qıl çarə varınsa gər məcalın. Bir gün sən özün olanda məhkum, Anla, nə çəkib əlində məzlum. Ancaq nə çıxar bu anlamaqdan? Bir iş bacarırsan eylə əl’an. Bir dəstə misirli qadın — Ey taleyi zülfü kimi qarə, Söylə, nə səbəb bu ahu zarə? Faş eylə nədəndir e’tirazın, Sən qulsan əgər nədir bu nazın? Qadınlardan Azib — Hər qədri mənim varımsa malım, Məhv olsa əgər bütün cəlalım, Gər malik olam bu gül cəmalə, Min nifrət ola o mülkü malə. Gər varsa həyatı kainatın, Sənsiz nə vəfası var həyatın?! İkinci qadın Tutmas — Tapsa gər evim səninlə zinət, Dünyaya dəyər bu canlı sərvət. Ömrümdə olam səninlə xoşdil, Bir sadə düşünçədən nə hasil? Kişilər dəstə ilə oxuyur. Sat bu qulu olma çox məəttəl, Öz başına açma burda ənkəl. Var şübhə bunun qul olduğunda, Sat, saxlama xalqı öz yanında. İncitmə bunun tut ehtiramın, Təhqir eləmə, eşit kəlamın. Kişilərdən Tutmazis — Qul olmadığın duyarsa millət, Tədibini əmr edər hökumət. Sat, saxlama, hər nə versələr al. Hirsin səni etməsin çox ifal. Malik — (Gülür) Yox qorxu mənə bu sözlərindən, Xof eyləmədim bu lafdan mən. Etməz mənə bir sitəm hökumət, Mən etməmişəm bu işdə sirqət. Yox birçə səbəb bu qilüqalə, Quldur mənə, almışam qəbalə. Bir işdə ki, var qəbalə, höccət, Aydın burada bütün həqiqət. Yusif — Dünyada bütün bu macəralar, Təzvirli, süslü iddialar, Min hilələrin, min ixtilafın, Min iç üzü qanlı e’tilafın, Məncə o kağızdır istinadı, Kağız çıxarır bütün fəsadı. Olsaydıq əgər xatadan ari, Qalmazdı bunun bir e’tibarı. Bə’zilər olub o qədri ərzəl, Bir parça kağız da ondan əfzəl. Bir-birlərinə çox e’timadı, Bir parça kağızdır ittihadı. Eylərsə bu gün bir əhdi imza, Bir hərb qılar yarın mühəyya. Bir fitnə çıxarsa asimanda, Bişək bu kağızdadır komanda. Züleyxa öz əri ilə gəlir. Ətrafını kişi və qadın qulluqçuları almışdır. Qulluqçular oxuyurlar — Yoldan çəkilin, gəlir Züleyxa, Hüsnündə, vəcahətində tənha. Heç kimsə dayanmasın çəkilsin, Hər bir qədəminə gül səpilsin. Gülpirlər — Getsin daha qalmasın bir insan, Dursun o uzaqda, baxsın heyran. Züleyxa qullara baxa-baxa gəlib Yusifin qarşısında dayanır. Züleyxa — (Əzizi-Misrə) Xaliq mənə verməmiş bir övlad, Olsun ürəyim onunla bir şad. Bu ölkədə namım itməsin ta, Olsun evimin çırağı bərpa. Zira məni sevməmiş təbiət, Övlada qoyub cahanda həsrət, Düşməz ələ böylə bir gözəl qul, Hər bir hərəkatı məncə məqbul. Əzizi-Misir — (Züleyxaya) Hər qədri gözəlsə bu pərizad, Ondan sənə lakin olmaz evlad. Ayrılmasa heç zaman yanından, Ancaq bu deyil sənin qanından. Eylərsə əgər səninlə ülfət, Yalnız analıqdadır məhəbbət. Əylənçədən ötrüdür fəqət bu, Bel bağlama özgə oğludur o! Züleyxa — (Ərinə) Bu barədə dinləməm nəsihət, Al bu qulu gər varımsa hörmət. İstərsən olam səninlə həmraz, Al bu qulu, qıl məni sərəfraz. Məndən bunu alsa gər camaət, Evdə salaram böyük qiyamət. Gər varsa yanında ehtiramım, Olsun bu gərək mənim qulamım! Əzizi-Misir — (Əlini Malikin cibinə qoyur) Al hər nə ki, qiymət istəyirsən, Hər şərtin olarsa hazıram mən. Züleyxanın xidmətçi qadınları Yusifin əlindən tutub apara-apara oxuyurlar: Ağlama, bizdə sən şad olarsan, Qüssədən, qəmdən azad olarsan. Bu Züleyxa sənin öz anandır, Anandan da sənə meyribandır. Ağlatma bizləri göz yaşından, Qulluq fikirlərin at başından. Gedirlər. Pərdə düşür. * * * Dördüncü pərdə Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir. Yusif — (Züleyxaya) Mənzur nədir bu işrətindən? Bu halət uzaqdır ismətindən. Şəhrətli, kamallı bir qadınsan, Bu hala riza olurmu nisvan? Nifrətlənirəm bu macəradən, Bu halətı görmək istəməm mən. Züleyxa — Dünyada bu gördüyün məsərrət, Ancaq sənə oldu burda qismət. Bir ne’mət olub sənin nəsibin, Hazırda bütün cahan rəqibin. Sən sevmədiyin bu şanlı mənzər, Heç bir kəsə olmamış müyəssər. Yusif — Qarşımda duran gözəl qadınlar, Məhkumədir, oynamaqda naçar. Öz zövqünə eləmişsən alət, Məncə bu da bir dərin səfalət. Bunlar nədən ötrü rəqsə gəlmiş? Bi şübhə ki, zövqüdən deyilmiş. Çılpaqların əldə etsə fürsət, Eylər bu sönük həyata nifrət. Bir sən’ət ikən bu oynamaqlar, Çılpaqlığa bəs nə məqsədin var? Əfsus ki, burda incə sən’ət Şəhvətlərə eylər indi xidmət. Züleyxa — Səndə de görüm nədir bu xülya, Nisvan nə üçün yaranmış aya? Sən bir kişisən məhəbbətin yox, Biganəsən eşqə, ülfətin yox. Anla məni, olma qəlbi sadə, Bu sevgidən eylə istifadə. Səhv etmə! Gərək bütün qadınlar, Bir zövqi səlimi oxşasınlar. Çılpaqlığa sən darılma hərgiz, Bir ailədən, bir evdəniz biz. Paltar yox ikən keçən zamanda, Çılpaq yaşadıq bir aşiyanda. Çılpaqlara çox da etmə töhmət, Paltar bizə bir izafə zinət. Yusif — Heyrətlənirəm bu fəlsəfəndən, Mənzurimə aşina deyilsən. Olmazsa əgər qadında ismət, Aqil kişi eyləməz məhəbbət. Fikrində nişanı yox hicabın, Heç təhlükədən yox ictinabın. Divanəsən öz təriqətində, Əxlaq unuduldu söhbətində. Züleyxa — Paltarsız olan deyil bədəxlaq, Əxlaqı sən anlamırsan ancaq. Hər bir yeni inkişafımızda, Bir ayrı qiyafə doğdu bizdə. İnsanda fəqət bu son təhəvvül, Bir fitnə doğub ki, rəf’i müşkül. Cəmiyyətə girmədikcə nisvan Ərlər dəxi ayrılıb qadından. Yoxdur adı müştərək həyatın, Erkək, dişi kəsmiş irtibatın. Erkəklə qadın tutarsa ülfət, Əxlaqsız adlanır nihayət. (Məclisə) Rəqqasələr oynasınlar hala, Boş fəlsəfələrdə var nə mə’na? Rəqqasələr rəqs edirlər. Bayırdan bir dəstə qadın səsi eşidilir. Züleyxa rəqs edənləri dayandırır. Misrin aristokrat qadınları oxuya-oxuya içəri girirlər Qadınlar — (Züleyxaya) Olsaydın əgər sən bir əsilzadəyə məftun, Bu eşqə qoyub qiymət olardıq hamı məmnun. Sevsəydin əgər Misrdə sən varlı bir insan Olmazdın özün axırı eşqində peşiman. Ancaq elə bir zat ilə tutdun bu gün ülfət, Faş olsa bu eşqin edər aləm sənə nifrət. Qadınlardan Tadoxina — Bir qul ki, onun indiyədək kimliyi məchul, Cənnətdən uçub gəlsə deyil bizlərə məqbul. Bir kimsə əgər versə mənə Yusifi nisbət, Ölləm belə təhqir ilə sağ qalmaram əlbət. Bir hüsn ilə məşhuri-cahan olsa da bir zat, Sərvətlə gərək eyləsin öz varlığın isbat. Aponet — Mən istədiyim olmasa bir gündə müheyya, Qiloğana — Göydən düşə pulsuz kişi sevməm onu əsla Xanşensut — Pulsuz mələk olsa olamaz qəlbimə hakim, Tadoxina — Pulsuz kişinin söylə görüm eşqi nə lazım? Aponet — Pulsuz kişi hər etsə mənə varlığın ithaf, Qiloğana — Pul yoxsa onun eşqi fəna, sevgisi boş laf! Xanşensut — Hər kəs mənə altunları qoymazsa müqabil, Tadoxina — Ruhun verə, olmaz yenə də vəslimə nail. Züleyxa — Yox zərrəcə qiymət o əsilzadə sözündə, Hər bir əzəmət olmalıdır şəxsin özündə. Bir söylə nə gördüm o əsilzadə ərimdən? Ölsəm də fənalıqları çıxmaz nəzərimdən. Eşq olmasa təkmil olamaz varlığı zatın, Zira quru sərvətlə üzü gülməz həyatın. Tadoxina — Ruhunda böyük fitnə yaratmış bu xəyalat, Aponet — İqbalını tə’min edəməz eşqlər heyhat! Qiloğana — Xam olma, səadət bulmazsan bu qulunda, Xanşensut — Tezliklə zəbun olmalısan eşq yolunda. Züleyxa — Mə’zur tutun, çünki çıxıb mənliyim əldən, Bir aşiqəm ölsəm də çəkilməm bu əməldən. Tadoxina — İnsanları bir hüsn ilə məhv etmiş idin sən, Sərkəştələrin olmuş idin eşqinə düşmən. Hər bir qədəmində sənə bir eşq müheyya, Daş qəlbilisən bir kəsə rəhm etmədin amma. Aponet — Bir söylə görüm səndə ikən hüsnü vəcahət, Bu hüsn ilə bir kimsəyə verdinmi səadət? Qiloğana — Tuğyan edərək bir çoxunun eşqini atdın, Bir gənc ikən öz varlığını sərvətə satdın. Xanşensut — Hər kəs səni sevsəydi qovub eşqə gülərdin. Tadoxina — Kəndin belə hər ləzzəti sərvətdə bilərdin. Züleyxa — Mən bir qız idim eşq sözün anlamayırdım, Onda kişinin eşqini bir hiylə sanırdım. Hər kimsə mənə etsə idi eşqini e’lan, Zənn eylər idim ismətimə yapdı bir üsyan. Bir çoxlarıtək mən dəxi öz hüsnümə məğrur, Didarım ilə eyləmədim bir kəsi məsrur. Mən sevgini bir xariqə bilməzdim əzəldən, Əfsus buraxdım keçən imkanları əldən. Min eşq səpilsəydi əgər rəhgüzərimdə, Baxdıqca oyunçaq görünərdi nəzərimdə. Çünki yox idi onda mənim sevdiyim insan, İndi məni bir eşqə düçar eylədi dövran. Tadoxina — Mən dinləmərəm bir daha xain kişilərdən. Aponet — Artıq o adı dinləməyi sevməyirəm mən. Qiloğana — Bir qız kimi olsan ona min hiss ilə təqdim, Xanşensut — Öz varlığını qılsan onun zövqünə təslim, Tadoxina — Bi mehridir, axırda səni aldadacaqdır, Aponet — Sevsən də səni sevməyəcəkdir, atacaqdır. Qiloğana — Onlar düzəldib bizləri öz nəfsinə alət Xanşensut — Ərlərdən imiş cümlə qadınlarda səfalət. Züleyxa — Saydıqlarınızdan deyil ol sevdiyim afət, Hazırda salar sizləri də damə o ləbət. Tadoxina — Hər gördüyünü sevsə əgər dəhrdə nisvan, Qalmaz qadının hüsnünə qiymət qoyan insan. Hər bir qadın öz gördüyünə qılsa məhəbbət, Bişübhə ki, dünyamız olar xaneyi-vəslət. Bir hüsnü vəcahətlə qadın olmasa məğrur, Eşqində onun əczə olurmu kişi məcbur? Qiloğana — Kölgən kimi tapdanmalı, məhv olmalı daim, Yıx qəlbini, rəhm eyləmə, çünki o da zalim. Verməz kişilər bir də sənin eşqinə mə’na, Sal hicrə ki, hicranı sevir eşq ilə sevda. Yusif və sair qulluqçular əllərində meyvə xonçaları məclisə daxil olurlar. Qadınlar Yusifi görərkən heyrətlənirlər. Züleyxa — (Yusifi göstərir) Mən söylədiyim yanımda peyda, Ar etməyərək qılın tamaşa. Sevdazədəyəm yox ictinabım, Sinəmdəki eşqlər hicabım. Mən qailəm öz şəriətimdə, Sabitqədəməm təriqətimdə. Artıq mənə kimsə sahib olmaz, Laf eyləmirəm, qadın satılmaz. Bir duyğu ikən bəşərdə sevda, Eşqində qadın olurmu rüsva? Bir ər ki, cəfadayam mən ondan, Artıq yaşayış deyildir asan. Ərlik nə demək, nədir bu sözlər? Mənzur deyil sevilməyən ər! Yusif — (Züleyxaya) Hərgiz verəməm bu eşqə mə’na, Mətləb niyə məncə bir müəmma. Söylə kimədir bu canfədalıq, Kimdən diləyirsən aşinalıq? Get sev kimi istəyirsən artıq, Sat işvə cahana, Misri yıx, yıx! Ac xalqa o çeşmi-dilşikarı, Qoy gənclər etsin intiharı. Qoy pənbə yanaq cahana gülsün. Həsrətlərə intəha qoyulsun. Ancaq məni eylə burdan azad, Zira deyiləm bu cilvədən şad. Bir zərrə də olsa sevmirəm mən, Get sev kimi sevmək istəyirsən! (Yusif sözünü qurtarıb qaçır.) Züleyxa ilə bütün qadınlar dalınca oxuya-oxuya məclisdən çıxırlar. Ərlərdə, qadınlarda bir eşq olmasa bərpa, Gülməz bəşəriyyət, sarılar zülmətə dünya. Hər eşq budur, bundan ibarətsə, Züleyxa, Bişübhə ki, aləm kəsilər aşiqi-şeyda. Dünyada əgər olsa məhəbbət mütəqabil, Sevdanı danıb ömr edəməz bir kişi qafil. Çıxırlar. Pərdə düşür * * * Beşinci pərdə Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir. Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər. Xor — Hər kimsədən olsa xalq razı, Mədyundur ona bizim ərazi. Cəmiyyətə hər kəs etsə xidmət Millət qoyacaq o zatə qiymət. Yusif özü bir səmimi insan, Lazım bizim ölkəmizdə hər an. Fir’on və qadını Asnat oturur. İşarə edib oxuyanları dayandırırlar. Fir’on Yusifə qarşı səndəldə oturmağa icazə verir. Fir’on — (Yusifi göstərir) Bu zatə rəva deyildi məhbəs, Bəslərmiş ona məhəbbət hər kəs. Ziba yaranıbsa surətində, Bir elə gözəl təbiətində. Bir çoxları var gözəldir, amma, Məhbub deyil, sevilməz əsla. Olmazsa əməldə, sözdə birlik, Qılmansa sevilməz ol gözəllik. Asnat — Heç kimsə sədaqətdə deyil Yusifə həmta, Hər hüsnü təbiət yaradıb onda müheyya. Misr ölkəsi məmnun bu məharətli bəşərdən, Daim şaşıram bunda olan xariqələrdən. Yoxdur buna bişübhə gözəllikdə müqabil, Əfsus ki, yox bunda böyük eşqə təmayül. Gənc qızlar və oğlanlar oxuyurlar: Yusif elə bir xariqədir nazı çəkilməz Bir fitnədir, insanlar onu sevməyə bilməz. Bundan nə qədər zülmü sitəm çəkdi Züleyxa, Zindanları sevdisə onu sevmədi əsla. Fir’on — Min hüsnü vəcahət olamaz ərlərə hakim, Hər kəs olur olsun kişinin sevməsi lazım. Zibalığına olsa da məğrur Züleyxa, Aqil kişi verməz quru zibalığa mə’na. Asnat — Hazırda Züleyxanı edin məclisə də’vət, Mən bilməliyəm kimlər üçündür bu məhəbbət? Bilməm o ağılsız nə görübdür kişilərdən, Min cürə cəfa görsə çəkilməz bu zərərdən. Yusif — (Asnata tə’zim edir) Bir kimsə mənim inciməmişdir sitəmimdən, Yüz il yaşasam elə xəta gəlməz əlimdən. Bir gün bunu məncə biləcəkdir o pərivəş. Dünyada qadından doğulur cümlə kəşakəş. Bir şux sənin sevdiyini eyləsə tə’yin, Dünyaları versən edəməzsən onu tə’min. Fir’on — Məsrur olamaz fitnələrin sevdiyi bir zat, Dünya dolu hicranzədələr burda bir isbat. Bir fikr üzərində duramaz kəndisi daim, Məcnundur öz eşqində buna şərh nə lazım? Bir fitnə deyim mən ona cayizsə bu tə’bir, Hər güldüyü bir təhlükə, hər xəndəsi təhqir. Yusif — Bir afət imiş xalqa onun olması həmdəm, Dünya bizə onsuz da birər odlu cəhənnəm. Dünyada qadınsız yaşamaq ərliyə müşkül, İnsan sevir, amma nə edim zəhridir ol gül. Hər ailənin çəkdiyi qəm, gördüyü zillət, Daş qəlblinin fitnələrindən çıxar əlbət. Fir’on — Qısqanması həp bir həyəcan, küsməsi bir qan, Ən qıssası bir sülhə qadın etməmiş iman. Məfkurəsi rahatlığa, asayişə düşmən, Qaçmaq yaramır ancaq o daş qəlbin əlindən. Bir elə qırılmaz ipə bağlanmışız əfsus, Hər bir kişinin varlığı ancaq ona məxsus. Xor — Yusif qadının eşqinə dil verməyir hərgiz, Ancaq yenə də varlığın alqışlayırıq biz. Xidmətləri var, min eyilik gözlərik ondan, Vadiləri qılsın mədəni Nil suyundan. Hələ mədəniləşmədə, dirçəlmədə fəllah, Yapmaq dilərik əski təbiətdə bir islah. Əskiləri at, dəhrə baxıb qur mədəniyyət, Bir çarə düşün diz çökə qarşında təbiət. Fir’on — Əsrinlə sürün, kəndi mühitindən al ibrət, Axtar yenilik batil ikən əski həqiqət. Qalxsın mədəniyyət, uçalansın göyə ehram, Heybətli Əbülhovl ilə ver əsrə sərəncam. Sə’y eylə ki, tarixin edə əsrdə şöhrət, Mumyalarımızdan bilik alsın bəşəriyyət. Asnat — Misrin mədəni varlığı tarixə yazılsın, Durduqca cahan Nilin üçün qan axıdılsın. Sə’y eylə, çalış eylə bütün ölkəni bərpa, Bir gün gələcək yad edəcəkdir səni dünya. Yusif — Layiq deyiləm mən bu böyük xidmətə zira, Dahiləri axtar, sənə qursun yeni dünya. Fəxrimdir əgər eyləyə bilsəm sizə xidmət, Olmazsa böyük təcrübə olmaz mədəniyyət. Mən təcrübəsiz, elmsiz, idraksız olsam, Bir iş edəməm, sə’y qılarsam səhər, axşam. Fir’on — Xidmətlərini görmüş ikən bizdə xəlayiq İnkarına qalxışma, bu mənsəb sənə layiq. Yusif — İstərsən əgər olmayasan fəqrə giriftar, Hər xidmətin öz əhlini tap, amilin axtar. Mənsəb daşımaq, şanlı riyasətdə bulunmaq, Bifaidədir işləməsən xalq üçün ancaq. Hərgiz edəməm şəxsim üçün xalqa xəyanət, Əfv eylə, deyil ruhuma uyğun bu riyasət. Az bilgi böyük xidməti tə’min edəməzkən, Yüksəlməyəcək məmləkət onda nə edim mən? Mən mənsəbə aldanmayıram, ölkə mənimdir, İşğal edəməm çünki bu yer öz vətənimdir. Fir’on — Var səndə məharət, sənə layiq belə mənsəb, Dinlə məni vardır yenə də bir yeni mətləb. Hazırsan əgər etməyə insanlığı təkmil, Gəl sən dəxi qıl Misrdə bir ailə təşkil. Yalqız yaşama, get ara tap kəndinə yoldaş, Misrin mədəni mülkünə at bircə vətəndaş. Bir vaxtda ki, zatinə dildadə Züleyxa, Tənhalığına ayrı səbəb varmıdır, aya? Yusif — Bir ailə təşkili mənim istəyim, amma, Mə’zur tut, hər kəslə bu mümkün deyil əsla! Bir elə gözəl dilbərin istənməsi asan, Ancaq əri varkən mənə ol vermədi vicdan. Züleyxa — (Bayırdan oxuya-oxuya gəlir) Mən xəstəyi-eşq olmuşam, Hicranə sərməşq olmuşam. Sahibsizəm ölmüş ərim, Yoxdur qəmimdə rəhbərim. Bir eşq ilə məşhur ikən, Mənzurəm hər bir yerdə mən. Salonda olan bütün gənclər və qadınlar oxuyurlar. Atdın bütün kaşanəni, Tutdun dili-divanəni. Sevda səni etdikdə cəzb, Divanəlik təskini-qəlb. Hakim sənə bir mahru, Sevdaya bais iştə bu. Züleyxa — (Salonun ortasında durub heyrətli bir surətdə oxuyur) Məhv oldu məvcudiyyətim, Var eşqtək bir dövlətim: Fəxrimdir hər bir imtahan, Layiq verərsəm eşqə can. Xor — Hərgiz biz etməzdik güman, Qılsın Züleyxalar fəğan. Bu bir gözəldir şübhəsiz, Bu halına heyrətdəyiz. Məşşatələr də’vət qılın, Zülfün yuyub zinət qılın. Yusif — (Fir’ona) Heyrətlənirəm belə züleyxaları görcək, Məcnunluğa mən istəmirəm eşq adı vermək. Aşiqdə səmimiyyət olar, fitnə tapılmaz, Etməz məni təhqir ilə min fitnələr ağaz. Züleyxa — (Ağlayır) Daşdır ürəyin eyləmədin zərrə mürüvvət, Mən ruhumu verdim sənə etdin niyə nifrət? Düşdüm bu fəlakətlərə bir etmədin insaf, Zalim kişinin, əfv ediniz, hər işi bir laf. Yusif — Mən verməmişəm bunca fəlakətlərə meydan, Əfv et məni, zatən dəlidir eşqdə nisvan. Doğuşmasa əgər sizdə böyük sevgi hüzurum, Yoxdur mənim ancaq bu fəlakətdə qüsurum. Asnat — (Yusifə) Söylə kişilərdənmi deyil bizdə səfalət? Rəhm eyləməz, eylər kişilər eşqə xəyanət. Züleyxa — Hələ sevirəm mən səni olsan yenə zalim, Sən dur öz inadında dəyişməz bu xəyalım! Yusif — Ancaq yenə də etməliyəm bir sözü təkrar, Bir xariqəsən az tapılar sən kimi dildar, Ərsiz qadın olsaydın əgər şübhəsiz onda, Bir bunca cəfa çəkməz idin eşq yolunda. Ölmüş ərin olmuşsan əgər qeydidən azad, Eşqin mənə bağışsa buna mən dəxi dilşad. Züleyxa Yusifin əllərini tutub sinəsinə basır. Pərdə düşür * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-sevgiler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.