Əsərlər Qönçəbəyim (1827–?) Elər Ey ağalar, məni neçin qmarsız? Eyləsə dərdimə bıı dərman elər. Eşqə düşənləri axırda bu dərd, Əridər, incəldər, natəvan elər. Görüm aralıqda yox olsun yaman, Uzüm payəndazdır, başım tərciman, Səndən qeyri mənim dərdimə dərman Nə Əflatun bilər, nə Loğman elər. Göz yaşımnan ərzə yazdım Səttara, Bəlkə bizi qəm-qayğıdan qurtara, Sinə açıq, zülf pərişan, üz qara, Məni belə görən sənə man elər. Şəri qoyub xeyrə qədəm basarlar, Həqqünnas sözlərə qulaq asarlar, Təsəddüq veribən qurban kəsərlər, Bəyim İbrahimə can qurban elər. * * * De gəlsin Hicran sənətkarı, qəm xiridarı, Qəddar olan, biilqara de gəlsin. Yenə təzələnsin didaı* didarı, Ciyər oldu həzar parə, de gəlsin. Ərzi-halım yazdırmışam ərzədə, Qara bağrım yar zədədir, yar, zədə, Bir müddət də qaldıq Imammirzədə, Eylədi dərdimə çarə, de gəlsin. Aşiq olan məşuqəyə mirasdı, Eşq oduna nahaq yanmaq əbəsdi, Bizim məskənimiz Tünü Təbəsdi, Qərib düşdüm bu diyara, de gəlsin. Aşiq bilər məşuqunun halını, Qismət olsa, ələ alaq əlini, Gözləməkdən bimürvətin yolunu, Gözümdə qalmadı qarə, de gəlsin. Bizə sək rəqiblər deyirlər asi, Mövlaya bağladıq yəni ixlası, Mən Bəyiməm ibrahimin butası, Gizli deyil, var aşkara, de gəlsin. * * * Yeddi tuman, yeddisi də zəncirə Yeddi tuman, yeddisi də zəncirə, Qorxum budu dal qapıdan xan girə. Qoça, kaftar, bihəyanın əlindən Bəyim yazıq yenə düşə mincirə. * * * Ey mənim laləzər çiçəkli bağçam Ey mənim laləzər çiçəkli bağçam, Gülüstan qoynunda fəvvarə vuram, Sularla həmsöhbət olmaq istərəm, Qorxuram ki, ərim çıxa o yandan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qoncebeyim-eserler İctimai mülkiyyət. Public domain. Original text only.