Digər Qövsi Təbrizi (1568–1640) Sən bilirsən Könlümdəki muradım, Ey yar, sən bilirsən. Hər dil ki, bilmərəm mən Dildar, sən bilirsən. Mən sanma meypərəstəm, Saqidən ötrü məstəm, Mən bir binayi-pəstəm, Memar-sən, bilirsən. Qəmzən atanda bir ox, Qaşın yayın çəkər çox. Könlümdə tab gər yox, Gər var, sən bilirsən. Gəlməz fəğan elimdən, Üzr istə qatilimdən, Ona mənim dilimdən Yalvar, sən bilirsən. Gər könlümü alırsan, Gər yüz çin öldürürsən, Dildar, sən bilirsən, Qəmxar, sən bilirsən. Qövsi sənin xərabın, İçmiş sənin şərabın, Olmuş sənin kəbabın, Xunxar, sən bilirsən. * * * Səndən ötrü Ömürlər xuni-dil içdim, Gülüzarım, səndən ötrü. Axın dağlara düşdüm Laləzarım, səndən ötrü. Sinəmi oxlar dəlibdir, Qanlı peykanlar qalıbdır, Canımı qəmlər alıbdır, Qəmküsarım, səndən ötrü. Aşiq olan keçər eldən, Başü candan, xanümənden, Damənin tək getdi əldən İxtiyarım, səndən ötrü. Gözlərim qan ilən doldu, Bilmənəm könlümə noldu, Kəkilin tək qarə oldu Ruzigarım, səndən ötrü. Qövsi ilə həmdəm oldum, Həmdəmi-dərdi-qəm oldum, Xarü zari-aləm oldum Nazlı yarım, səndən ötrü. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qovsi-diger İctimai mülkiyyət (müəllifin vəfat ili: 1640). Public domain (author died 1640). Original text only.