Qəsidələr Mirzə Məhəmməd Tağı Qumri (1819–1891) Məhbubumun mənimlə məhəbbət binası var Məhbubumun mənimlə məhəbbət binası var, Məlum olur şəfəqqətü mehrü vəfası var. Məşuqdən gərək yetişə aşiqə bəla, Aşiq deyil o kəs ki, bəladən hərası var. Hər nə bəla gələ, edərəm canıma qəbul. Əlbəttə, bu bəlalarımın müddəası var. Canan yolunda hər yara bir güldü aşiqə Gülzari-sinəsin nə əcaib səfası var. Dörd min yarə dəyib, yenə azdı sinəmə, Min dəfə can ilə çəkərəm, hər cəfası var. Qıl bircə qətlga tamaşası, Cəbrail, Bax gör Hüseyn təşnələbin nə əsası var? Qurbangaha Xəlil aparıb bir fəda əgər, Amma Hüseynə bax, necə yetmiş fədası var. Abbasi-namidarımı qurban kəsibdilər, Qolsuz düşüb, qana boyanmış libası var. Toy tutmuşam bu dəştdə şahzadə Qasıma, Yaxmış əlinə qan ilə əlvan hənası var. Səd parə doğranıbdı Əli Əkbərim susuz, Torpaqlar üstə nəşi düşüb, çox yarası var. Mən qoy yanım bu gün qabağında kabab tək, Sal Əkbər üstə sayə, oğulsuz anası var. Bilməm səbəb nədir məni gözdən salıb anam, Meydana Zeynəbim gələ bilməz, həyası var. Durma, özüvü yetir Nəcəfə, söylə, ya Əli, Oğlun Hüseyn ölür, sənə çox-çox duası var. Gəl Kərbəlayə başını al bir diz üstünə, Görsünlər əhli-Kufə Əli tək atası var. Qəm gülşənində Qumriyi-gülzari-xəstənin, Fəryadı-"va Hüseyn" ilə şuri-nəvası var. * * * Üşşaqə məşq, eşqdə tumari-Kərbəla Üşşaqə məşq, eşqdə tumari-Kərbəla, Əhli-məzaqə gərmdi bazari-Kərbəla, Çox zövq ilən səfası, əcəb xoş həvası var, Güllər açıb bahardə gülzari-Kərbəla. İbrətlə hər kim etsə tamaşa yəqin görər, Qılmış əhatə aləmi ənvari-Kərbəla. Hər gülsitanda nəğmeyi-bülbül səbahü şam, Bica əbəs deyil çəkilir cari-Kərbəla. Çeşmi-bəsirət açsa, nümayandı hər kəsə, Amadədir o dəştdə asari-Kərbəla. Nəhri-Fəratın üstə olub qolları qələm, Əbbas, namidari-ələmdari-Kərbəla. Naz ilə qətlgahda yatıb Əkbəri-cəvan, Cismində zəxmi-xəncəri-xunxari-Kərbəla. Damad otağı hicleyi əlvani-növ ərus, Olmuş əcəb səfayi-çəmənzari-Kərbəla. Hülqində Əsğərin yenə qanı kəsilməyib, Çıxmış səmayə ahü şərərbari-Kərbəla. Həsrətilə imdi də baxıri toy otağına, Nakam ölən o Qasımi-sərdari-Kərbəla. Yetmiş səhabə peykəri qan, cismi zəxmdar, Gözəllə təşnələb rəhi-zəvvari-Kərbəla. Başında qırx nəfər qolu bağı əsirlər Ağlar başında möcüzi-gülnari-Kərbəla. Qumri kimi fəğanə gəlib, ya Hüseyn deyər, Guya o çöldə Abidi-bimari-Kərbəla. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qumri-qesideler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.