Dədə Yediyarla deyişmələr Aşıq Qurbani (1477–1550) Dədə Yediyarla I deyişmə I deyişmə D ə d ə Y e d i y a r Məndən salam olsun cavan aşığa, Əzəl-əzəl hansı şəhər salındı? De kimə can gəldi, qələm çalındı, Neçə min il dünya ləmyesir qaldı? Q u r b a n i Al cavabın verim, Dədə Yediyar! Əzəl-əzəl Kufə şəhri salındı. Adəmə can gəldi, qələm çalındı, Yetmiş min il dünya ləmyesir qaldı. D ə d ə Y e d i y a r Nədən hasil olub Düldülün səngi? Nəyə bənzər idi onun irəngi? Cənabi əmirin əzəlki cəngi, Əzəl zülfüqarın o kimə çaldı? Q u r b a n i Daşdan hasil olub Düldülün səngi, Göy mahuda bənzər onun irəngi. Cənabi əmirin əzəlki cəngi – Əzəl zülfüqarın Əntərə çaldı. D ə d ə Y e d i y a r Nədən hasil oldu İsrafil suru? Kim camal göstərdi, yandırdı Turu? Hansı peyğəmbərdi alnında nuru, Onu kim görcəyin müsəlman oldu? Q u r b a n i Nurdan hasil oldu İsrafil suru, Haq camal göstərdi, yandırdı Turu. Məhəmməd peyğəmbər – alnında nuru, Xədicə görcəyin müsəlman oldu. D ə d ə Y e d i y a r O kim idi, durdu kimin qəsdində? O kim idi, badə tutdu dəstində? O kim idi, bir kəlmənin üstündə Kimin bığlarını harada yoldu? Q u r b a n i Əzrayıldı, şirin canın qəsdində, Mələklərdi, badə tutdu dəstində. Cənab əmir bir kəlmənin üstündə Müaviyənin bığın Diməşqdə yoldu. * * * Dədə Yediyarla II deyişmə II deyişmə D ə d ə Y e d i y a r Səndən xəbər alım, Aşıq Qurbani, O nədir ki, göydən haça gəlibdi? Neçə min peyğəmbər gəlib dünyaya? Əfzəli, mürsəli necə gəlibdi? Q u r b a n i Al cavabın deyim, Dədə Yediyar! O – qələmdir, göydən haça gəlibdir. Yüz iyirmi dörd min peyğəmbər gəldi, On iki imamdır, vecə gəlibdi. D ə d ə Y e d i y a r O kim idi, onu vursun yol bürkü? Kim idi, qəhrindən atdırdı lökü? Behiştdəki tubb ağacının kökü, Neçə min, neçə min haça gəlibdi? Q u r b a n i Yoldan çıxanları vursun yol bürkü, Peyğəmbər qəhrindən atdırdı lokü. Behiştdəki tubb ağacının kökü, Səksən min, səksən min haça gəlibdi. D ə d ə Y e d i y a r O nədir ki, olmaz onun çarası? O nədir ki, heç tutulmaz yarası? İsmayıla gələn qoçun anası Hansı ayda, gündə qoça gəlibdi? Q u r b a n i O – ölümdü, olmaz onun çarası, O – pis sözdü, heç tutulmaz yarası. İsmayıla gələn qoçun anası Çərşənbə günündə qoça gəlibdi. * * * Dədə Yediyarla III deyişmə III deyişmə D ə d ə Y e d i y a r Məndən salam olsun cavan aşığa! Alnımızda yazı nə irəng idi? Yazdıran kim idi, yazan kim idi, Əlində qələmi nə irəng idi? Q u r b a n i Al cavabın verim, Dədə Yediyar! Alnımızda yazı al irəng idi. Yazdıran Allahdı, yazan ol əmir, Əlində qələmi al irəng idi. D ə d ə Y e d i y a r Nə günü yapıldı Kəbənin daşı? Neçə min il yoldu dünyanın başı? Yer altdakı göy mahinin göz yaşı, Sərində tükləri nə irəng idi? Q u r b a n i Çərşənbə günü yapıldı Kəbənin daşı, Yetmiş min il yoldu dünyanın başı. Yer altdakı göy mahinin göz yaşı, Sərində tükləri ağ irəng idi. D ə d ə Y e d i y a r Ustaddan dərs alan heç olmaz naşı, Əzəlcə meydana kim gəldi qarşı? Ərşdəki xoruzun neçədir yaşı, Sərində cıqqası nə irəng idi? Q u r b a n i Qurbani meydanda heç olmaz naşı, Əmir Əntər gəldi meydana qarşı. Səksən min il idi xoruzun yaşı, Başında cıqqası al irəng idi. * * * Dədə Yediyarla IV deyişmə IV deyişmə D ə d ə Y e d i y a r Rəf-rəf ilə yeddi bürcdən keçərəm, O necə dəryadı – abi-zəmhəri? Xitab olub ərşi, kürşü yerişə, Neçə şeydi bu dünyanın gövhəri? Q u r b a n i Rəf-rəf ilə yeddi bürcdən keçərəm, O, elm dəryasıdı – abi-zəmhəri. Xitab olub ərşi, kürşü yerişə, Dörd kitabdı bu dünyanın gövhəri. D ə d ə Y e d i y a r O nədir ki, heç bulunmaz çarası? O nədir ki, heç sağalmaz yarası? O kim idi, uzaq düşdü arası, Torpağa qarışdı müşkü ənbəri? Q u r b a n i O – ölümdür, heç bulunmaz çarası, O – pis dildir, heç sağalmaz yarası, Şəddad idi, uzaq düşdü arası, Torpağa qarışdı müşkü ənbəri. D ə d ə Y e d i y a r O kim idi, oxur dürrü kəlamı, O kim idi, kimdən gətdi salamı? O kim idi, əvvəl çaldı qələmi? O kim idi, bu dünyanın ləngəri? Q u r b a n i Cənab əmir oxur dürrü kəlamı, Cəbrayıldı, haqdan gətdi salamı, Vəssəlamin əvvəl çaldı qələmi, Məhəmməddi bu dünyanın ləngəri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-dede-yediyarla-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.