Deyişmələr Aşıq Qurbani (1477–1550) Mirzalı xan ilə deyişmə Q u r b a n i Könül qalxdı Bərdə sarı yeridi, Orda bir ölkə var, adı Gəncə hey!.. Gözəlləri, məhbubları, xubları, Xub batıblar mala, mülkə, gəncə hey!.. M i r z a l ı x a n Başına döndüyüm gülüzlü oğul, Dərd çəkməyə heç kim olmaz məncə hey! Gözəl sevib, abdal olub çaşıbsan, Tayın yoxdu soltanca hey, xanca hey! Q u r b a n i Qarıncalar yuvasını qayırdı, Gözəl kəklik balaların doyurdu, Fələk vurdu gözü yaşlı ayırdı, Aram düşüb nazlı yardan gencə1 hey! M i r z a l ı x a n Yatmaq üçün gözlərinin xabı var, Dərd çəkməyə mən yazığın tabı var, Hər adamın tayı-tuşu, babı var, Tutmaq olmaz hər yetənlə pəncə hey! Q u r b a n i Qurbani der: Vüsalına ermədim, Əl uzadıb qönçə gülün dərmədim, İran gəzdim, Turan gəzdim, görmədim, Gözəllikdə, məhbubluqda onca hey! M i r z a l ı x a n Mirzalıyam, əldən getdi varımız, Kimlər çəkər namus ilə arımız? Çünki olduq xeyrə, şərə yarı biz, Gəlsən bölək borcu sənnən təncə hey! * * * Mustafa ilə deyişmə M u s t a f a Cavan oğlan, nə məkandan gəlirsən, Səbəb nədi, de, düşmüsən çölə sən? Gözəl sevib, abdal olub çaşıbsan, Mən baxıram, nabələdsən yola sən. Q u r b a n i Başına döndüyüm ay pirü qoca! Bir pəri salıbdı çöllərə məni. Nə günüm günüzdü, nə gecəm gecə, Bir pəri salıbdı çöllərə məni. M u s t a f a Mal istəsən, dövlətim var, varım var, Namusum var, qeyrətim var, arım var. Oğul olsan, gözüm üstə yerin var, Bir qızım var, ona həmdəm olasan. Q u r b a n i Xəbər alsan, budu sözümün düzü, Sızıldayır yaram, səpmə gəl duzu. Cavad xan bacısı, Ziyad xan qızı, O pəri salıbdı çöllərə məni. M u s t a f a Mustafa, bil, ilqarında bütündü, Yeri, oğul, mənzilinə yet indi. Axtarıb Pərini tapmaq çətindi, Duam budu: sevdiciyini alasan. Q u r b a n i Qurbaninin dərdi olub ziyada, Allahı çağırram, yetişər dada. Bir gözəl sevmişəm fani dünyada, O pəri salıbdı çöllərə məni. * * * Pəri ilə deyişmə P ə r i Dərdin alım, əsmər oğlan, Dur gəl qoynuma, qoynuma! Yazıq canım sana qurban, Dur gəl qoynuma, qoynuma! Q u r b a n i Ala gözlü nazlı Pəri! Yox, Pərim, gələ bilmərəm. Sənə qurban canü sərim, Yox, Pərim, gələ bilmərəm! P ə r i Otağına qədəm basdıq, Qəsdim budu qatam dosduq. Salım döşək, qoyum yasdıq, Dur gəl qoynuma, qoynuma! Q u r b a n i Nigar pəncərədən baxar, Üzüyün barmağa taxar, Məkr eylər, evimiz yıxar, Yox, Pərim, gələ bilmərəm! P ə r i Mən Pəriyəm, boyum bəstə, Zülfüm dal gərdəndə dəstə. Yerin sallam sinəm üstə, Dur gəl qoynuma, qoynuma! Q u r b a n i Özüm gördüm ərənləri, Mənə badə verənləri. Qurbaninin nadan yarı, Yox, Pərim, gələ bilmərəm! * * * "Qurbani" dastanından qarı ilə qızın deyişməsi Q a r ı Başına döndüyüm gülüzlü cavan, Gəl alma qızımı – sarıdır, sarı! Səndən ötrü bəsləmişəm bu canı, Gəl alma qızımı – sarıdır, sarı! Q ı z Meymun nəfəsinə bənzər nəfəsi, Tökülübdü əti, qalıb qəfəsi. Xəstəyə dərmandı qızın məməsi, Gəl alma anamı – qarıdır, qarı! Q a r ı İşvə məndə, qəmzə məndə, naz məndə, Aşıq öldürməyə şirin söz məndə. Öpmək üçün buxaq məndə, üz məndə, Gəl alma qızımı – sarıdır, sarı! Q ı z Qarılarda işvə, qəmzə, naz olmaz, Bir gülünən bahar olmaz, yaz olmaz. Günü keçmiş qarı gəlib qız olmaz, Gəl alma anamı – qarıdır, qarı! Q a r ı Məhbanıyam, çox ixtilat qataram, Gecə-gündüz işvə, qəmzə sataram. Yar deyib qoynuma alıb yataram, Gəl alma qızımı – sarıdır, sarı! Q ı z Əsmərəm, özümü sana bildirrəm, Ağladıban göz yaşını sildirrəm. Küsülü olsan da, səni dindirrəm, Gəl alma anamı – qarıdır, qarı! * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.