Gəraylılar Aşıq Qurbani (1477–1550) Ağacdandır Sazım, gəl mənimlə danış, Sənin əslin ağacdandır. Ağac dedim, bikef oldun, Xurmadakı ağacdandır. Çağırın gəlsin aşiqi, Aləmə salsın işığı, Həsən-Hüseynin beşiyi - O da ki var, ağacdandır. Ey Qurbani, batma yasa, Uzun sözün eylə qısa, Musanın əlində əsa, - O da ki var, ağacdandır. * * * Aldığım Səhərin dan yeli kimi, Əsmə, qadasın aldığım! Mənim səbrü qərarımı, Kəsmə, qadasın aldığım! Bizim bağda gül dərginən, Sıx könlünə, tel hörginən, Ağ üzdən busə verginən, Əsmə, qadasın aldığım! Qurbani aşıiq üzünə, Qurbandı ala gözünə, Baxma yadların sözünə, Küsmə, qadan aldığım! * * * Gedim Canım ana, gözüm ana, Bir dua qıl, mən də gedim. Sənə qurban özüm, ana, Bir dua qıl, mən də gedim. Südün mənə halal elə! Bir xudadan sən də dilə! Mən də gəlim gülə-gülə, Haq deyənə əməl edim. Qurbaniyəm, vara-vara, Qurban olum nazlı yara. Gecə-gündüz yolum ora, Sir sözümü sənə dedim. * * * Gəldim Yar, səni ədalət bildim, Mən qapna dada gəldim. Çox çəfa çəkdim yolunda, Ömür verdim bada, gəldim! Ləbin içib çeşmim qanı, Olmuşam cəllad qurbanı, Qoynundu əttar dükanı, Nə əcəb bu, dada gəldim! Qurbanidi mənim adım, Mövlamdan aldım muradım, Sinəndi çarşım, bazarım, Şəkərə, nabata gəldim! * * * Gülə, gülə Girdim yarın bağçasına, Dedim dərdim gülə, gülə. Məm ona elə müştağam, Necə bülbül gülə, gülə. Naşı bağban, satma gülü, Haramdı axçası, pulu, Küsdürdün şeyda bülbülü, Daha gəlməz gülə, gülə. Qurbaniyəm, erməmişəm, Yar qəsrinə girməmişəm, Belə cəllad görməmişəm, Aldı canım gülə-gülə. * * * Dolana-dolana Alçaq yerdən duman qalxar, Dağı dolana-dolana, Göy üzünü alar bulud, Mahı dolana-dolana. Kimi ağa, kimi nökər, Nökər olan cəfa çəkər, Bülbül ağlar, qan-yaş tökər, Bağı dolana-dolana. Qurbani murada yetdi, Canan gəldi, burdan ötdü, Nobat gəldi, mana yetdi. Saqi dolana-dolana. * * * Dilbər Durum dolanım başına, Aşiqindən küsən dilbər! Gözlərini dik gözümə, Nə mən dinim, nə sən dilbər! Mina qəddin zəbərcəddi, Nə desən cana minnətdi, El köçüb, otaq xəlvətdi, Gəlsin alam busən, dilbər! İtirmişəm maralımı, Bir sinəsi yaralımı, Gündüz səbri qəralımı, Gecə yuxum kəsən dilbər! Qurbani özünə bəydi, Yar həsrəti qəddim əydi, Nə dedim xətrinə dəydi, Bu mən dilbər, bu sən dilbər! * * * Olmaz Laf eyləmə felli dərviş, Belə kar eyləmək olmaz. Yıxıban könlüm evini Murğuzar eyləmək olmaz. Dərdini de bilənlərə, Dərd başına gələnlərə. Hər üzünə gülənlərə Etibar eyləmək olmaz. Qurbaniyə verdin məzə, Dərdini artırdın yüzə. Dərd biləni dərdbilməzə Giriftar eyləmək olmaz. * * * Pərim gəlsin Nə əcəb sevdaya düşdüm, Deyin bundan Pərim gəlsin! Əcəl şərbətini içdim, Deyin bundan Pərim gəlsin! Dağların başı dumandı, Didəmin yaşı ümmandı, Bu gələn Şahi-xubandı, Deyin bundan Pərim gəlsin! Yolunda qoymuşam canı, Kirpikləri tökər qanı, Bu gələndi Şəhrəbanı, Deyin bundan Pərim gəlsin! Əyninə geyib qırmızı, Yalav1 kimi yanır üzü, Bu gələn vəzirin qızı, Deyin bundan Pərim gəlsin! Mən ağlaram zarı-zarı, Bu zülmü götürməz tarı, Bu gələn Qurbani yarı, Əcəb gəlsin, Pərim gəlsin! * * * Mən Heç gəlmirsən bulaq üstə, Gündə üç yol gəlirəm mən. Üzümə soyuq baxırsan, Ürəyini bilirəm mən. Kaş ki gözəl olmuyaydın, Saralıban solmuyaydın, Mənnən aşna olmuyaydın, Ayrılanda ölürəm mən. Gül dibini xara qoydun, Bülbülü ah-zara qoydun, Qurbanini biçara qoydun, Gedirsən get, gəlirəm mən. * * * Məni Ay ağalar, ay qazılar, Yar yaman aldatdı məni. Əl atdım yarın dəstinə, Yar kənara atdı məni. Tor qurdum çeşmim gölünə, İlişdi sonam telinə, Düşdüm dilbilməz əlinə, Aldı, ucuz satdı məni. Qurbanidi mənim adım, Adəm atadı bünyadım, Şeş atdım, çahar oynadım, Axır fələk uddu məni. * * * Keçdi Dağ döşündə maral gəzər, Tellərini darar gəzər, Yarım məndən kənar gəzər, Qoymun, xanlar, yarım keçdi, Könlü ahü zarım keçdi! Bu dağların başı bütün, Ürəyimin yaşı tütün, ..................... Qoymum, xanlar, yarım keçdi, Gözü intizarım keçdi! Ərisin dağların qarı, Tökülsün çaylara sarı, Bu keçən Qurbanın yarı. Qoymun, xanlar, yarım keçdi, Üzü gülüzarım keçdi! * * * Şad elərlər Sizin yerdə adət bu imiş, Qəmgin könlü şad elərlər. Yeyərlər nanü nəməgi, Bir gündə bərbad elərlər. ................. ................. ................. ................. Bir gör fələyin dövrünü, Mən çəkmişəm çox cövrünü, Yazıq Qurbanın könlünü. Gah qəmgin, gah şad elərlər. * * * Şah Xətai, Şah Xətai Gözəl şahim şeyx oğludu, Şah Xətayi, Şah Xətayi! Şahi-mərdana bağlıdı, Şah Xətayi, Şah Xətayi! Bu dünyada bir haq divan, O dünyada cənnətməkan, Qoy var olsun türki zəban, Şah Xətayi, Şah Xətayi! Qurbani tək qul pənahı, Qibleyi-aləmin mahı, Ol cahanın qibləgahı, Şah Xətayi, Şah Xətayi! * * * Yetirməsin Vəzir, sana qarğayıram, Haqq diləyin yetirməsin! Göydən min bir bəla ensə, Birin səndən ötürməsin! Evində düşəsən naçaq, Sağ gözünə batsın bıçaq, Oğul-uşaq düşsün qaçaq, İstədiyin gətirməsin! Oturubsan ağ otaqda, Qan qusasan laxta-laxta, Səni görüm elən vaxtda Dilin kəlmə gətirməsin! Qurbani qaldı burada, Çağır xudan yetsin dada, Meyidin qalsın arada, El yığılıb götürməsin! * * * Tez-tez Canım təbib, gözüm loğman, Mənim dərdim ara tez-tez. Bu dərd məni çox incidir, Sızıldayır yara tez-tez. Sevdim gözəllər muyunu, Heç kəsə verməz oyunu, Tülək-tərlanın oyunu Qismət etmə sara tez-tez! Qurbani ağlar eldən ötrü, Bülbül ağlar güldən ötrü, Bircə nazik beldən ötrü, Günüm keçdi qara, tez-tez. * * * Var Demirəm qarı kasıbdı, Bir inək, bir danası var. Qabaqda qarpız gizlənər, Dalında topxanası var. Axşam olar, düşər soyuq, Damlara yığılar toyuq, Yumurtası yüzə yovuq, Xeyli dadlı şorbası var. Qurbani yayınmaz sözdən, Geyinib ağ çitdən, bezdən, Çox qorxuram Əsmər qızdan, Əlində bir payası var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.