Qıfılbəndlər Aşıq Qurbani (1477–1550) Kafü lamü kaf Dost bizi buyurdu xidmət-şərifə, Dedik ki, baş üstə, kafü lamü kaf. Fitnə qaşlı, cadu gözlü sevdiyim Çoxların eyləyib heyü lamü kaf. Sidqi dürüst olan yetişər haca, Kimsə də kimsəyə etməz iltica. Məhəmməd ki qədəm basdı meraca, Pişvazinə gəldi mimü lamü kaf. Mehdi görər qoşununun sanını, İnsan üçün qurar haq mizanını. Bir gün alar Qurbaninin canını Bir gözləri cəllad kafü lamü kaf. * * * Dördü nə On altı gözəlin seyrinə vardım, Gözüm düşdü gözəllərin dördünə. Altısı bədxasyət, dindirmək olmaz, İkisi mehriban, de, bəs dördü nə? Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abü atəş, xakü baddı, dördü nə? Qurbani sözlərin eylədi tamam, Gözünün evini alıbdı duman, Səkkiz şey gəlibdi insana ənam, Ağıl, mərfət, həvəs, kamal, dördü nə? * * * Neçədi O kimdi ki, dünyaya gəlməmişdən, Onların şəkili vardı behiştdə? Adəm də eylədi onlara səcdə, Onların hesabın bilsən neçədi? Aduvu qoymusan sən də ustakar, Nə üstündə aləm olub bərqərar? İblis niyə oldu bəlaya düçar, Onun səbəbini bilsən neçədi? O nədi ki, ildırımdan yeyindi? Sənin danışdığın bütün oyundu. Bu meydanda indi sənin toyundu, Abdulla xan göydəni sürüsə necədi? * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-qifilbendler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.