Təcnislər Aşıq Qurbani (1477–1550) Yara üz Gözəl adam, gəl Allahı sevərsən, Daldalanma, bir də görgəz yara üz! Astana gör yarın astanasında, Qulluq eylə, xidmət eylə, yara üz! Sağdan vurdu, soldan çıxdı sağa lam, Sağ qoşundu, sol ləşkərdi, sağ ələm, Nagümanam mən bu dərddən sağalam, Təbib birdi, dərd minbirdi, yara yüz! Qurbani der: bura gəldim yar üçün, Kəs ciyərim, doğra bağrım yar üçün, Yar odu ki, yardan sonra yar üçün, Zülf dağıda, yaxa yırta, yara üz! * * * Yar ala məni Dedim, Pərim, yandım eşqin oduna, Demədim, atəşdən yar ala məni. Dedim, şəfa üçün loğmana gəldim, Demədim, oxlayıb yarala məni. Dedim, niyə tərsə döndü baxdı yar? Demədim, çölləri gəzə, bax diyar. Dedim, aşiqinə ola baxdiyar, Demədim ha sata yar ala məni. Dedim, Qurbaniyəm, bir gül istədim, Demədim, buluddan bir gül istədim. Dedim, əllərindən bir gül istədim, Demədim, çatdırsın yar ala məni. * * * Yara yüz Gözəl adam, gəl Allahı sevərsən, Daldalanma, bir də görkəz yara yüz. Yastana gör yarın astanasında, Qulluq eylə, xidmət eylə yara yüz! Sağdan vurdu, soldan çıxdı sağ əlim, Sağ qoşundu, sol ləşkərdi, sağ elim, Nagümanam mən bu dərddən sağalım, Təbib birdi, dərd min birdi, yara yüz. Qurbani der: Munda gəldim yar üçün, Kəs, kəs, kabab doğra bağrım, yar için, Yar odur kim, yardan sonra yar üçün Zülf dağıda, yaxa yırta, yara yüz. * * * Bir də yaz Gecə-gündüz bulud keçir havalar, Belə getməz, əlbət, gəli bir də yaz. Oxuyar bülbüllər muğam, havalar, Sızıldaşır yaram, aman, bir də yaz. Bulud olan qalxar havada gəzər, Aşiq olan yarın bağrını əzər, Qəvvas olan girər dərində üzər, Bir dərin var, bir dərgə var, bir dayaz. Qurbani gül dəstə bağlar oxuna, Sinəm buta yarın müjgan oxuna, Bir namə yaz, hər divanda oxuna, Görən desin, var əllərin, bir də yaz! * * * Bir dala Əlif qəddin, bey qamətin, sey saçın, Necə bənzər hərf içində bir dala! Hər muyuva min gövhərdi tay saçın, Qəvvas olan yek dəryada bir dala! Qəvvas olan dəryalara dalıbdı, Sərraf ləli qiymətində alıbdı. Çün bülbülü ara yerdə görübdü, Zağı görüb, dolanıbdı bir dala. Süsənmisən, sünbülmüsən, yara, sən! Tiği alıb bağrım başın yarasan. Qurbani der: Canı verdin yara sən, Haçaq olur, biz də verək bir dala!? * * * Ay əsər indi Səhər-səhər bir gözələ uğradım, Ondan dəydi mənə ay əsər indi. Ağlım zail oldu, halım digərgün, Nə ki var əndamım ay əsər indi. Bahar olcaq dağlar ay lalələndi! Bulud zülf üzünə ayələləndi, Biznən mey içənlər ayələləndi, Tökülüb sədrüvə ayə, sərindi. Örtübdü başına şal qəza işin, Qoymuyun dannıya el qəza işin. Qurbani der: Get-gör ol qəza işin, Tərlan avın almış, ayə, sar indi? * * * İndi "Ayn" "lam" içində, "sin" arasında, Yar mənə göndərdi bir cəviz indi. Aylar, illər həsrətini çəkdiyim, Lütf eylə ləbimə bircə üz indi. Gözəllər yığılıb qıya baxanda, Zülfü dal gərdəndə qıya baxanda, Nigar pəncərədən qıya baxanda, Ömrümün rişəsin bircə üz indi. Gözəllər oturmuş göz bulağında, Sürmə tək qovruldum göz bulağında, Hicran dəryasında, göz bulağında, Qurbani, çalxanıb bircə üz indi. * * * Xal-xala Yazıcılar yazıları yazanda, Bizim də yazını yazdı xal-xala. Cəfa çəkdim, can çürütdüm, yar sevdim, İnsafdırmı, mən almayam, xalx ala? Göydə bir ulduz var, adı Talıbdı, Sən gözəlin dərdi məni alıbdı. Əlimi sinəndə şahmar çalıbdı, Dərman dedim, buyurdular xalxala. Qurbaniyəm, mən də bir tağ yetirdim, Onun suyun dağdan, daşdan gətirdim. Zəhmət çəkdim, tər şəmamə yetirdim, İnsafdırmı, şəmaməni xal xala? * * * Pərim Bu gün bir gözəlin seyrinə vardım, Tutubdu dəstində ağ lamə, Pərim! Bu gözəllik sana kimdən verildi? Ver əlinlə bir dəm ağ lamə, Pərim! Doldurginən nargiləni, təzələ, Gül irəngim solub döndü xəzələ, Ağ nazik əlinlə qoysan məzarə, Onda da üstümdə ağlamə, Pərim! Qurbani yar deyər oda, atəşə, Oxu vacibəti oda, atəşə, Cəbrail qərq oldu oda, atəşə, Dərs alıb olardan, ağlamə, Pərim! * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.