Azərbaycan şairi Nizami Məhəmməd Əmin Rəsulzadə (1884–1955) Azərbaycan şairi Nizami Şairlikdəki əsrar pərdəsi, Peyğəmbərliyindir bir kölgəsi. Tanrı hüzurunda sıra tutmuşlar; Ikinci şairlər, ilkin peyğəmbərlər. N i z a m i MÜƏLLIFDƏN Kitabımız Nizaminin anadan olmasının 800-cü ildönümü münasibətilə 1941-də bitmiş, fəqət müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmişdir. Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri tərəfdən hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş və yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. Əlavələr hissəsində, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur. Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif bu kiçik epiqrafların və kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa əks etdirib-etdirmədiklərini müəyyənləşdirmək, təbiidir ki, oxucuların öhdəsinə buraxılmışdır; əslində bu xüsusda müəyyən bir iddiası da yoxdur, kifayətdir ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın. Kitabın haşiyələrində və “əlavələr” qismində mətndə bəhs edilən mətləbləri aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə, bunların türkcə məzmunu qismən verilmişdir... Illərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz nöqsanlardan xali olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə qüsurlu olan məlumatın tamamlanmasına xidmət etmiş olarlar. Eyni baxımdan əsər haqqındakı ümumi mülahizələrini də bəyan etmək lütfünü göstərənlər müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar. Ankara, 8 aprel 1949. Birinci hissə Nizami kimdir? İkinci hissə Nizaminin beş kitabı Üçüncü hissə Nizami mövzuları baxımından Dördüncü hissə Nizamidə sənət və ideologiya * * * Başlanğıc Nizaminin nəzmini oxursan, Sözündə sən onu hazır bularsan. Cilvəsini səndən necə o saxlar Ki, hər beytində anladır bir əsrar. Yüz ildən sonra da desən harda o? Beytlərdən nida gələr burda o! Yüz il deyil, səkkiz yüz ildən sonra da “burda o!”sunu duyduğumuz Nizami, müsəlman Şərqinin ürfan xəzinəsinə daxil İran və dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir. Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarının səhnəsi olmuşdur. Tarixi hadisələrin təsirilə baş verən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə, yeni bir mədəniyyət meydana gəlmişdir: Şərq İslam mədəniyyəti. * * * * * * Şərq İslam mədəniyyətinin üç ortağı Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır. La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”. Şərq islam mədəniyyəti onu yaradan ünsürlərdən üç milli amillə sıx surətdə bağlıdır. Ərəblərlə bərabər, onlar qədər, bəzi xüsuslarda hətta onlardan da artıq islam elm və ürfanı üçün fəaliyyət göstərmiş farslarla türklər vardır. Bu iki xalqdan yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca məşhur adları cildlərlə kitaba mövzu olmuşdur. Demək gərəkdir ki, İslam mədəniyyətinin Şərqdə yayılmasında ərəb dili ilə bərabər, fars və türk dillərinin də müəyyən rolu vardır. Bir duyğu, düşünüş və bilik vasitəsi olmaq etibarilə, tarixin müəyyən dövrlərində bu iki dilin, xüsusən ədəbiyyat sahəsində və beləliklə, Şərq islam mədəniyyətinin inkişafı və yayılmasında çox mühüm təsirləri olmuşdur. * * * * * * Şərq İslam mədəniyyətiyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylər Son illərdə Şərq islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq üçün ildönümləri keçirmək xoş bir ənənə şəklini almışdır. Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. Ikincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn-Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə Türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir. “Şahnamə”nin böyük yaradıcısı Əbül-Qasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir təəssüblə, milli qəlibdə, “əcəmi” diriltmək üçün “farsca” yazmışdır. Bu əsəri ilə o, ərəb istilası ilə aradan getmiş iranlılığı, ədəbi şəkildə olsa da, yenidən canlandırmışdır. Fars ənənəsini fars dilində canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır. Buna müqabil “Mühakimət ül-lüğəteyn” adlı tanınmış əsərilə türk dilinə üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cığatay türkcəsilə qüdrətli əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və türk oğlu türkdür. Bu iki şəxsiyyətin əsərlərilə yanaşı, milliyyətləri də hər cür şübhə xaricində olduğu halda, üçüncüsünün, yəni İbn-Sinanın milliyyəti barədə anlaşılmazlıq mövcuddur: Ərəblərə görə, İbn-Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir çox iranlı alimlər kimi əsərlərini ərəbcə yazsa da, İbn-Sina bir farsdır; hətta farsca şerləri belə vardır. Türklərə görə də, Türküstanın Əfşanə (Buxarada) kəndində doğulmuş Sina oğlu bir türkdür; farsca şer yazması türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi, farsca yazmış türklər də az deyildir. Ibn-Sina haqqındakı bu anlaşılmazlıq, yubileyi keçirildiyi günlərdə İran, türk və ərəb mərkəzləri arasında ixtilafa səbəb olmuşdur. Nizamiyə həsr olunmuş bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti də bir sıra münaqişələrə səbəb olacaqdır və kitaba verdiyimiz “Azərbaycan şairi” adı onu “İran şairi” kimi tanıyanların bir qismində etiraz da olmasa, adət etdiklərinin pozulmasından doğan bir narahatlıq hissi doğuracaqdır. Fəqət nə etməli: dünya böyüklərinin adları ətrafında millətlər arasında çəkişmə yeni bir şey deyildir. Bir də başqalarının yanlış adətlərini pozmamaq üçün Azərbaycan öz təbii haqqından necə vaz keçsin?! Əslində bu mübahisədə iki millət və cəmiyyətin münasibətlərini korlayacaq bir cəhət də yoxdur; əksinə, iki tərəfə mənsub edilən şəxsiyyət ətrafında bəhs edilən millət və cəmiyyətlər daha çox birləşmiş və anlaşmış olarlar. Məşhur elm və ürfan xadimlərinin milliyyətləri haqqında mübahisələr Avropaya da yad deyildir. Orta əsrlərdə latın dili bütün avropalılar üçün ortaq bir dil idi. Bütün millətlərin ziyalıları əsərlərini bu dildə yazardılar. Milli oyanış və mədəni müstəqillik qazanıldığı dövrdə isə ortaq latın dili dövrünə aid tanınmış mədəniyyət xadimləri milli mənsubiyyətləri baxımından qızğın mübahisələrə səbəb olmuşlar. Qərbdə və Şərqdəki bu iki hadisənin kökü birdir. Lakin Avropa elmi xristianlıqla birləşmiş bütün qərblilərin milliyyət və irq təəssübü çəkmədən yaratdıqları bir dəyər olduğu kimi, ərəb elmi də eynilə müsəlman cəmiyyətində birləşmiş şərqlilərin meydana gətirdikləri bir sərvətdir. Tarixin müəyyən qanunauyğun inkişafından kənara çıxan bu hadisəni elmi şəkildə izah etmək istəsək, fikrimizi bu cür xülasə edə bilərik: Ümmət dövründə millət və irq fərqlərinə əhəmiyyət verilmədiyi üçün çox da axtarılmayan “mədəniyyətdə ortaqlıq payı” millət dövründə aranmağa başlamış və hər xalq İslam mədəniyyət və ürfanında öz nümayəndələrinin xidmətlərini müəyyənləşdirməkdən bir zövq duymuşdur. * * * * * * Şərq İslam mədəniyyətində Azərbaycanın rolu Müəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir. Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır. Türkcədən başqa, əsərlərini yalnız ərəb və fars dilində yazmış olan tanınmış azərbaycanlı şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild yaranar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısa cild belə 400-dən çox böyük şəxsiyyəti əhatə edir. Təkcə bunu qeyd etmək kifayətdir ki, İslamdan əvvəlki dövrlərə aid məşhurlarla Qərbin təsiri ilə İslam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən başqa, yalnız Nizami və müasirləri üzərinə həqiqi təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar. Bunlardan bir neçə mühümünü burada qeyd etmək istərdik. Beləliklə, Şərq islam mədəniyyətinin hər dövründə Azərbaycanın tutmuş olduğu yer haqqında ümumi bir təsəvvür yaranar. Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) anadan olmuş Xətib Təbrizi ərəb ədibləri və dilçiləri arasında çox mühüm bir mövqe sahibidir. Ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır. Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbül-Həsən Bəhmənyar, “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir. Hicri VI əsrin münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin bəhrəsi olan astronomik təqvimləri ilə məşhurdur. VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır. Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazmış olduğu əsərləri və etdiyi yeni ixtiraları ilə məşhurdur. IX əsrin tanınmış təbiblərindən Şükrüllah Şirvani öz ixtisası ilə yanaşı, başqa elmlərə aid əsərləri ilə də məşhurdur. Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani də azərbaycanlıdır. Memarlıq, kaşıkarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda saxlanan yüksək əsərlərinə rast gələ bilərik. Təbrizdəki Göy məscidin kaşıkarlıq sənəti baxımından qazandığı olduğu şöhrət, uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi yüksək bir sənət abidəsir. Azərbaycan memarlarından S.A.Dadaşov və M.A.Hüseynovun “Bakı akropolu” adlandırdıqları, Şirvanşahlar zamanından qalma, “Şaşal” üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu zövq və sənət əhlini heyran qoymaqdadır. XIV əsrin şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axırmış. Istər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə tam bir heyrətini bildirir. Iran rəssamlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs elxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından maraqlanan Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır. Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur rəssamlıq məktəbinin meydana gəlməsində rolu olmuşdur. Eyni məktəbin məlum ustadlarından qədim əlyazmalarını nəfis əsərləri ilə bəzəyən miniatürçülərdən Ağa Mirək də təbrizlidir. Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir. Sultan Üveys Cəlayir ilə oğlu Sultan Əhməd öz dövrlərinin görkəmli rəssamlarından olmuşlar. Əbdülbəy Təbrizi rəssam Sultan Üveysin tələbəsi və onun oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə köçürülmüşdür. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar (Kəmali) və Mirzə Əlinin adları da tanınır. Elxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir. Başda Seyrəfi olmaqla, Şərqin bir çox tanınmış xəttatları da Azərbaycandan çıxmışlar. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əli ilə yazılmış fərman və münşəat Misirdə dövlət muzeyində mühafizə olunur. Yenə onlardan Baysunqurun kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır. Nizami “Xəmsə”sinin 1431-ci ilə aid qədim əlyazmalarından Leninqradda Ermitaj muzeyində nəfis nüsxə də bu Cəfərin qələmindən çıxmışdır. Baburilərdən Hindistan imperatoru böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar arasında da təbrizlilər vardır. Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikilmiş memarlıq abidələrində də Azərbaycanlı türk sənətkarlarının əsərlərini tapmaq mümkündür. Məsələn, Bursadakı məşhur Yaşıl Camenin kaşılarının çox mühüm bir qismini təbrizli ustalar düzəltmişlər. Mücərrəd elmlərlə maddi sənətlər sahəsindən başqa, azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, ictimai fikirdə Şərq islam mədəniyyətinə son dərəcə mühüm faydası olmuşdur. Sufizmin, şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatə olunmuş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms, təbrizlidir. Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur. Yenə sufilərin tanınmış şəxsiyyətlərindən hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada dəfn edilmişdir. Iranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən iqtibas etmişdir. Eyni zamanda, şeyx Sədi dövrünün tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən də faydalanmışdır. Səlcuqilər və onlardan sonra elxanilər zamanında Azərbaycanın müxtəlif şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. Elxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa sahələrdə beynəlxalq bir əhəmiyyətə malik olduğu, prof. Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur. Ədəbiyyat sahəsinə gəldikdə isə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir. Azəri türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur. Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da mühüm bir dərəcədədir. Başda Nizami Gəncəvi olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur adlar vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbül-üla Gəncəvi və başqalarını qeyd edə bilərik. Bunlar XII əsrin şairləridir. Onlardan əvvəl XI əsrdə də şair və filosof Qətran Təbrizi vardır ki, o zamandakı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir. Bu dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar. Fəqət yalnız bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da, Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr) , Qasım Ənvar (XV əsr) , Sadıq Əfşar (XVI əsr) və Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer tutan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olması ilə xüsusən fəxr edən Saib fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır. Müasir İran ədəbiyyatında da əslən azərbaycanlı olan ədiblərin rolu mühümdür. Bunlardan “Kitabi-Əhməd” müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy” müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik. * * * * * * Türk hakimiyyəti altında fars ədəbiyyatı XVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur. Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur. “Encyclopedie de l’İslam”da, İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri əsas tutaraq belə ümumiləşdirmə vermişdir: “Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün, XVIII əsr Avropasındakı fransızca kimi, yüksək hakim sinfi dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını, sözün geniş mənası ilə, yalnız fars ədəbiyyatı kimi götürmək düzgün olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır”. Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından geniş miqyasda faydalanmışdır. Fars ədəbiyyatı, yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda, türk şairləri tərəfindən də yaradılmışdır. Tarixin bizə qəribə görünən bu hadisəsi islam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir məsələdir. Yaxın Şərqin ərəb fütühatı nəticəsində islamlaşdırılması və dolayısı ilə ərəbləşdirilməsi məlumdur. Bu vəziyyətə qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən olmuşdur. Halbuki yıxılan ərəb imperiyası yerinə, siyasi baxımdam farsların deyil, türklərin gəlməsi bir həqiqətdir. Burada qarşıya bir sual çıxır: nə üçün min ildən bəri islam Şərqində hakimiyyət sürən sülalələr, çox kiçik və əhəmiyyətsiz istisnalarla, həmin türklərdən olduğu halda, klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?.. İslamdan sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi, “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır. Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə məşhur olan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır. Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdur. Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi, Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar. Ədəbiyyatdan başqa, rəssamlıq sahəsində də İrana beynəlxalq şöhrəti təmin edən türk sülalələridir. Iran miniatürçülüyünün ən parlaq dövrü Teymurilərlə Şeybanilər zamanına təsadüf edir. Iran adına bağlanan bu sənət əslində Mavəraənnəhr ilə Xorasanda inkişaf etmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir. Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdur. Təbrizdəki Göy məscidin bəzədilməsindəki üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir. Bağdad xəlifələrini dini bir simvol halına salaraq siyasi qüdrəti öz əllərinə alan türk sultanlarının idarə işlərində ərəb dilindən savayı bir dildən istifadə etmələrini başa düşmək olur; lakin bu dil nə üçün türk dili deyil, fars dili olmuşdur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Şərqdə səltənətlər quran türklər köçəri idilər. Köçərilərin məskən saldıqları məmləkətlərdə yerli mədəniyyətə uyuşmaları isə adi bir şeydir. Necə ki, eyni hadisə, Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görünmüşdür. Eyni amil Əməvilər zamanında Şamda, onlardan sonra xilafət mərkəzini, qədim İran mədəniyyətinin ocağı olan bir sahədə yerləşən Bağdada köçürən Abbasilər zamanında İraqda ərəblər üzərinə də təsir göstərmişdir: İslam cəmiyyət və idarəsi çöllükdən çıxaraq şəhərləşdikcə, əski mədəniyyətə bağlı ünsürlərlə yunan və İran təsisatlarının təsirinə məruz qalaraq inkişaf etmişdir. Min ildən bəri islam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı, bu hakimiyyətdəki sabitlik, Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdir. Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər. Bu yerli elita isə feodal (dehqan) qəsrlərində qorunan fars dili və mədəniyyəti ilə təmasda idilər. Inzibati və siyasi mülahizələrlə yerli məmurlara arxalanan türk hökmdarları, Abbasilərdə olduğu kimi, yalnız yerli mədəniyyətin ictimai və daha çox siyasi təsisatlarının təsirinə düşməklə qalmırlar. Bunlar, eyni zamanda, özlərinə ərəbcədən daha asan gələn fars dilini də qəbul edib, onu rəsmi və ədəbi həyatda mühüm bir mərtəbəyə qaldırırlar. Əslində bu türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri və müşayiəti ilə qəbul edirdilər. Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarı ilə, ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə, çox təbii olaraq, arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər, işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar. Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər. Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və hərbi birləşmə həyatından çıxıb şəhərliləşdikdən sonra türk çadırı ilə obalarında yaşayan milli mədəniyyət kimi türk dilinin də saraylar və divanlarda yaşadılması barədə fikirləşilir. Islamiyyətin amansız düşməni kimi çıxış edən monqollar, ilk dövrlərdə, ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə, fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı, türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir. Teymur fütuhatından sonra və Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk ziyalıları ilə hakim siniflər arasında, farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır. Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvayinin məclislərində, qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərdə) saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur. Cığatay türkcəsi ilə azəri türkcəsinin inkişafı XVI əsrdən sonra bir sıra siyasi dəyişikliklər üzündən, nisbətən yavaşıdığı halda, Anadoluda qurulmuş böyük imperiyada Osmanlı türkcəsi təbii təkamülü ilə irəliləmiş və bütün qüvvəti ilə çiçəklənərək nəhəng bir ədəbiyyat meydana gətirmişdir. Yeni müsəlman İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında meydana gəlməsi, bizi maraqlandıran dövrlərə aid ədəbi sənəd və abidələrin səthi araşdırılması ilə də nəzərə çarpır. Klassik İran ədəbiyyatının əsas əsərləri bu və ya digər türk xaqan və sultanına ithaf edilmişdir. Bundan başqa, türklərə məxsus keyfiyyətlər fars ədəbiyyatının məcazi ifadələrində çox mühüm bir yer tutur. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi bir ifadə kimi işlənmişdir. Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrinin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq, Şərq islam mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII əsrdə Azərbaycana keçmişdir. * * * * * * Azərbaycan XII əsrdə XII əsr böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu. Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir. Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Şərqin bir mədəni mərkəzi idilər. Əslində şerin ən parlaq nümayəndələri və İran ədəbiyyatında mühüm yer tutan ustadlar burada yaranmış məktəbdə yetişmişdilər. Məmləkətin o zamankı ədəbi mənzərəsi haqqında ümumi bir təsəvvür verə bilmək üçün Nizami ilə müasir, Şirvan şahlığı və Azərbaycan atabəyliyi sarayları ilə əlaqədə olmuş ən mühüm şairlərin bir siyahısını gözdən keçirək: Əbül-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub şairlərindən Xaqani və Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik istedadını görərək onu Şirvan şahına təqdim edən və ona “Xaqani” təxəllüsünü verən odur. Şer biliciləri Əbül-Ülanın böyük bir əhatə sənətkarlıqla yazılmış əsərlərini Xaqaninin əsərlərinə bərabər tuturlar. Müasirləri ona “şairlər ustadı” demişlər. Fəxriyyələrindən birində “Gəncəlilər mənimlə fəxr edirlərsə, yeri var” – deyir. Xaqani Şirvani – Narahat və coşqun bir həyat yaşamış bu şair klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvanşah Axsitanın rus basqınçılarına qarşı müharibədəki qələbəsini təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından əlavə, Xaqaninin Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə də məlumdur. Şərq tənqidçiləri içərisində Xaqanini qəsidədə Ünsüri və Ənvəridən yüksək tutanlar vardır. Qərb tədqiqatçıları arasında da Xaqaninin sənəti, üslübü, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunur. 1864-cü ildə fransız dilində nəşr etdiyi bir ədəbi risaləsində Xanıkov, Xaqanini böyük fransız şairi V.Hüqoya bənzətmişdir. Fələki Şirvani – Şirvan diyarında doğulmuş şair qeyd etdiyimiz üzrə, Xaqani kimi, həm Əbül-Ülanın şagirdi, həm də, yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki şairlikdən əlavə, həm də dövrünün məşhur astronomlarındandır; təxəllüsünü də bu münasibətlə “Fələki” götürmüşdür. Şerlərində ulduzlara və səma cisimlərinə aid bir çox təşbeh və istiarələr işlətmişdir. Onu şairlikdə Xaqaniyə bərabər tutanlar olmuşdur. Mücir Beyləqani – Arranın qədimdə məşhur şəhərlərindən Beyləqanda yaşadığı üçün Beyləqani kimi tanınmış Mücirəddin Azərbaycan atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və onun oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələr məlumdur. Müciri şairlikdə və üslubda böyük müasirləri Xaqani və Nizami səviyyəsində görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatda böyük səlahiyyəti olan Xosrov Dəhləvi də vardır ki, onu sənət aləmində Xaqanidən belə üstün tuturlar. Qivami Mütərrizi – Nizaminin tərcümeyi-halına həsr edilmiş fəsildə gəncəli olan həmin şair haqqında ayrıca bəhs edəcəyik. Onun Azərbaycan atabəyi Qızıl Arslana həsr etdiyi süni (qəsideyi-məsnui) qəsidəsini səriştəli söz ustaları arasında qeyri-adi sənət əsəri kimi təqdir edənlər də vardır. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycanlı atabəyləri zamanında saraya mənsub olan Məhəmməd Cahan Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı: Divani-Zəhiri-Faryabi Dər Kəbə bedozd əgər beyabi. beytindən göründüyü kimi, klassiklər tərəfindən çox bəyənilmiş və məşhur olmuşdur. Onun Qızıl Arslana yazdığı qəsidədən bir beytini şahid gətirmək olar. Həmin beytin məzmunu və təşbihi yüksək sənət sahibi olduğuna gözəl bir nümunədir. Əsirəddin Əxsikəti – Həmin şair də Türküstandan Atabəylər sarayına gəlmiş, Azərbaycanda yaşamış və o zamanın məşhur şairlərindən olub, himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir. Yusif Füzuli; 10. Şafur ibn Məhəmməd; 11. Fərrux Şirvani; 12. “Nizam ət-təvarix” kitabının müəllifi Qazi Beyzavi; 13. Kəmaləddin Naxçıvani; 14. Seyid İzzəddin Ələvi və başqaları o zamankı ədəbiyyat göylərində parlayan şer sənətinin inci sapına düzülmüş ulduzlardandırlar. O dövrün parlaq şairlərindən Məhsəti xanımı da bu işıqlı sənətkarlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsində böyüməsi və yetişməsinə baxmayaraq, öz zəka və istedadı sayəsində zəmanəsininən yüksək təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti, söhbət əsnasındakı hazırcavablığı onu Sultan Səncərin məclislərinə gətirib çıxarmışdır. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur. Ölkənin ümumi vəziyyəti və mədəni durumu həmin fəaliyyət ilə ahəngdar idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə Sultan Mahmud dövründəki Qəznəni andırırdı. Möhtəşəm ticarət mərkəzi olan Şirvan (Şamaxı) memarlıq abidələri, bağ və bağçıları ilə məşhur idi. Gəncəyə qayıdaraq qeyd etmək lazımdır ki, Aranın keçmiş paytaxtı Bərdənin dastanlar mənbəyi və mövzusu olan sərvət və var-dövlətinin varisi olan həmin şəhər o zamanın ən şöhrətli mərkəzlərindən biri idi. İstəxrinin verdiyi məlumata görə 1139-cu ildə baş vermiş zəlzələdə 300000-ə qədər əhali həlak olmuşdu. Bunu nəzərə alanda qədim Gəncənin nə qədər böyük mərkəz olduğu aydın olur. Həmdullah Qəzvininin verdiyi xəbərə görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. Ibn əl-Əsir isə (XI əsrin tarixçisi) həmin yeri “Aran şəhərlərinin anası” adlandırmışdır. O dövrdəki Gəncənin sadəcə olaraq böyüklüyü və abadlığı haqqında deyil, etnik vəziyyəti haqqında da geniş məlumatımız var. 1170-ci illərdə Gəncənin bir böyük türklər (türkmən) şəhəri adlandırıldığını İbn Əzrəq öz əsərində qeyd etmişdir. Məşhur tarixçi Nəsəvi də həmin tarixdə Arran ilə Muğanda “türklərin (azərbaycanlıların) qarışqa kimi çox olduqlarını” yazmaqdadır. Azərbaycanın XI əsrdə türkləşmiş (azərbaycanlılaşmış) olması o dövrün ədəbi abidələrində də sabit şəkildə göstərilmişdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib dolaşdıqları başlıca sahə Azərbaycandır; bu dastandakı əlamət və realilər Azərbaycan əlamət və realiləridir; dastanlarda işlənmiş ləhcə də azəri türkcəsidir. Oğuz boylarının X və XI əsrlərdə Azərbaycana gəlmələri ilə bağlı olan bu dastanların XII yüzillikdə Azərbaycan xalqına məlum olduğuna inanıla bilir. Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rastlaşdığımız dediklərimizin həqiqətə uyğun olduğunu göstərir. Nizaminin əsərlərini yazdığı fars dilinə daxil olmuş türk sözləri haqqında öz yerində təfsilatı ilə bəhs edəcəyik. Lakin yalnız Nizami deyil, onun Xaqani kimi müasirlərinin mənzumələrində də türk sözləri çoxdur. Adi şairlər deyil, hətta öz nəsillərini qədim İran şahları Kəyanilər sülaləsinə bağlayan Şirvanşahların saray və ailələri içərisinə də türk dilinin daxil olduğunu açıq-aydın görürük. Xaqani mərsiyyələrinin birində Şirvanşahın qızı Alçiçək adlı bir şahzadəyə ağı demişdir. Qızına türk adı qoyan bir hökmdarın sarayında türkcə danışıldığı əsaslı surətdə fərz edilə bilər. Gəncə böyüklüyü ilə bərabər bir sərvətə malik imiş; 1221-ci ildə gəncəlilər verdikləri qızıllar hesabına şəhəri monqolların talanından xilas etmişlər. Gəncə gözəl sənət əsərləri ilə məşhurdur. Hal-hazırda indiki Gürcüstanın Kutaisi vilayətinin Gelati monastırında saxlanan və yüksək sənət əsəri olan Dəmir-qapı XII əsrin birinci yarısında zəlzələ zamanı (30 sentyabr 1139; – red.) gürcü kralı Demetre tərəfindən xarabazara çevrilmiş Gəncədən qəsb edilib Gürcüstana aparılmışdır. Bu qısa qeydlərdən sonra Şirvanşahlarla Pəhləvanilər (Atabəylər) dövrü XII əsrdə Azərbaycanın qabaqcıl bir ədəbiyyat mərkəzi olduğu aydın olur; yıxıb dağıdan zəlzələlər, yandırıb yaxan müharibələrə baxmayaraq, az da olsa, Təbrizdə, Bakıda, Naxçıvanda və başqa yerlərdə indiyə qədər ucalan memarlıq abidələri öz mötəbər şahidlikləri ilə ölkənin o zamankı əzəmətini təsdiq edir. XII əsrdə yalnız Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində yaşamışdır. Bu baxımdan Gürcüstan krallığı da tarixinin parlaq bir çağını – kraliça Tamar ilə şair Rustavellinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan və Azərbaycan arasında geniş surətdə bir dostluq və səmimiyyət var idi. Bu yaxşı münasibət xüsusilə Şirvan şahları və Gürcü kralları arasındakı qohumluq əlaqəsi ilə qüvvətlənmişdi. Şirvanşah Axsitanın anası gürcü kralı IV Davidin qızı idi. Gürcü salnaməçilərinin dediklərinə görə Axsitanın ruslar əleyhinə qazandığı zəfərdə gürcülər bir müttəfiq sifəti ilə iştirak etmiş və həmin qələbənin şəriki olmuşlar. Iki ölkə arasında mədəniyyət sahəsində daha çox və böyük əlaqələr var idi. Yaxın Şərq mədəniyyəti təsiri altında olan Gürcüstan sarayında şairlərə göstərilən himayə Azərbaycanda mövcud olan ənənə və dəbə təqliddən irəli gəlirdi. Tiflisdə kral David tərəfindən müsəlman şair və sufiləri üçün bir mədrəsə tikilmişdi. Tamarın özü şəxsən o zamankı Azərbaycanda himayə edilib yaranılan ədəbiyyatın xüsusi təsiri altında idi. Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Şərq mədəniyyəti ilə möhkəm əlaqələr və çarpaz düyünlərlə bağlı olub, Azərbaycanlı müasirlərindən və şəxsən Nizamidən ilham almışdır. Qafqaz Qərb və Şərq mədəniyyətinin qarşılaşdığı bir keçid idi. XII yüzillikdə bu keçid hər iki mədəniyyətin qarşılıqlı təsirini bilavasitə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli məzmun və ideyalarını demək olar ki, bütünlüklə Şərqdən alaraq, xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu haqda bir çox rəvayətlər vardır. Fanatik keşiş və din xadimləri Şota Rustavelinin əsərləri “xristianlığa ziddir” deyə onu xristianlıq və kilsədən rədd etmişlər. Halbuki Şirvanlı Xaqani ərəb və farsca yazmağına baxmayaraq, öz şerlərində xristian ideallarına və terminlərinə bolluca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz, dövrünün ən böyük nümayəndəsi olan Nizamidə də görürük. * * * * * * Milliyyət baxımından ədəbiyyatda forma və məzmun Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır. Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir. Gəncəli Nizaminin bütün varlığı ilə Azərbaycanla bağlı olmasını onun tərcümeyi-halını yazarkən imkan dairəsində aydınlaşdıracağıq. Onun mənəvi varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq, şairin daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir. Burada biz yaşadığımız günlər üçün aktual olan bir məsələyə toxunmalıyıq – Ədəbi bir əsərin milli olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və məzmundur? Bizim qənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiyyətinə baxmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun məzmunu və daxili varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən amil formadan çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur. Yabançı, özgə dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində milli ola bilir. Əsrimizin ədəbi hadisələri arasında bu müddəanın misallarını istədiyimiz qədər tapa bilərik. Hər hansı bir əsəri yazıldığı dilə görə həmin dildə danışıb yazan xalqın milli əsəri kimi qəbul edilməyi lazım gəlsə iyirmi ildən bəri Azərbaycan türkcəsi ilə yazılmış bir çox cəfəngiyatı ədəbiyyat deyə qəbul etməmiz lazım gəlir. Və ya belə olursa, onda osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin: Türkə haq çeşmeyi-irfanı haram etmişdir Eyləsə hər nə qədər sözlərini sehri-həlal; və ya: Necə söz söylənür ol yerdə kim şair sanur kəndin, Qələtpərdazi – məna bir müzəvvir Türki-layəfhəm. beytlərinə bənzər və bunlardan daha qaba bir türk düşmənliyi ilə tanınmış, “türk” sözünü – cəhalətin, qəddarlığın, idraksızlığın, kobudluğun qarşılığı olaraq işlətmək çirkinlik və murdarlığını göstərən bir çox türkcə yazan şairlərin divan ədəbiyyatına keçmiş mənzumə və misralarını da “milli ədəbiyyat” kimi qəbul etməliyik. Yaxşı məlumdur ki, finlərin məşhur vətənsevər şairləri əsərlərini İsveç dilində yazmışlar, lakin buna baxmayaraq, onlara milli şair kimi qəhrəman Finlandiyanın paytaxtında heykəllər ucaltmışlar. Bunun kimi ingilis hakimiyyətinə qarşı milli azadlığı tərənnüm edən İrlandiya ədəbiyyatı müəyyən bir zamanda ingiliscə yazılmışdır. Həmin vəziyyətə Hindistan şəraitində də rast gəlirik. Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən ingiliscə yazdığı əsərlər şübhəsiz ki, milli əsərlərdir. Bu şəkildə düşünərkən formanın əhəmiyyətini azaltmaq niyyətində deyilik. Dilin çox zaman millilik nöqteyi-nəzərindən məzmun üzərində üstünlüyü olduğunu bilirik. Ancaq “sənət sənət üçün” deyil, “qayə üçündür” düşünən və deyənlərin sıralarında olduğumuz üçün ədəbi bir əsərin milliliyini təyin edərkən formadan, yəni dildən çox onun məğzinə, özəyinə, yəni məzmun və mənəviyyatına üstünlük veririk. Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farslara deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda, o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı. Yalnız xüsusi diqqət və araşdırmalarla təyin oluna bilən milli özünəməxsusluqların kəskin tərəfləri müştərək din və mədəniyyət təsiri ilə yumşaldılmışdı. Buna baxmayaraq, qəbul etmək lazımdır ki, şüurda olmasa da, şüur altında milli varlıq və özünəməxsusluqlar o zamanlarda da öz təsirini göstərməkdən geri qalmamış və bu müştərək formaya baxmayaraq, ədəbi əsərlərin ruh, məna və məzmunları üzərində dərin izlər buraxmışdır. * * * * * * Nizami Azərbaycan şairi Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır. Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir. Iran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən bəlkə də ən böyük simasını təşkil edən Nizaminin, əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də daha çoz) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur. Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də o, əlbəttə, bir Azərbaycan şairidir. Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də - red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik. Təkrar edirik: əsərlərini farsca yazdığına baxmayaraq, Nizaminin, qeyd etdiyimiz kimi, məzmun və hissiyyat nöqteyi-nəzərindən azərbaycanlı bir türk təfəkkürünə malik olduğunu aşağıdakı səhifələri çevirdikcə açıqca görəcəksiniz. * * * * * * Nizaminin yaradıcılığı Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir. N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir. Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi, bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir. Insanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir. Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə, bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaq surətiylə təmin edilə bilər”. Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər, yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə bu “söz” İskəndərin möcüzəsində tapılmışdır. Bu möcüzə bugünkü bəşəriyyətlə birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır. Millətlərə yalnız mənəvi avtoritet ilə nüfuz etmək, ruhlarını anlayaraq, varlıqlarına qarşı ehtiram etmək! * * * * * * Unudulmuş Nizami Bir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı. Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı. Bu şairin, eyni zamanda, böyük Azərbaycan şairi olduğunu isə bilən bəlkə də heç yoxdur. Milli oyanış dövrünə daxil olan yeni Azərbaycan da Nizamini layiqincə mənimsəmək üçün yetişməmiş və farsca yazmış olduğunu nəzərə alaraq, onun haqqında düşünməyi milli vəzifələrdən xaric, sonrakı işlərdən saymışdır. Bununla bərabər, obyektiv olaraq, onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini yada salıb onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək, könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə olmuşdur. Şərqşünas A.Krımskinin qeyd etdiyi bu hadisə ilə bərabər mötəbər gəncəlilər, eşitdiyimizə görə, həmin məqsədlə bir neçə min manatdan ibarət olan bir məbləğ də toplamışlar. Milli istiqlal dövründə də Nizami haqqında düşünüldüyünü, müasir formada bir heykəl layihəsinin mövcud olması haqda Azərbaycan hökumətinin sabiq xarici işlər nazirinin müavini Adil-xan Ziyadxanın çap olunmuş bir xatirəsindən xəbər tuturuq. Heyf ki, hadisələr bu proyektin yerinə yetirilməsinə imkan vermədi. Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi, çox və səmimi düyünlərlə bağlıdır. Azərbaycan vətəndaşları kimi türk milliyyətinin də şairlə yaxından maraqlanması üçün təbii və həyati səbəblər vardır. Azərbaycan hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynadığı mənəvi rolun kiçik ola bilmədiyi aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər? Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?! Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz “gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük diyarına – Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər? Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli hissiyyat idi, hiss nöqteyi-nəzərindən isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir. * * * * * * Nizamiyə borcumuz Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi. Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir. Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır. M.Ə.Rəsulzadə. Buxarest. 10/VIII – 1941. * * * Nizaminin tərcümeyi-halı Çöldən, dərədən bütün ərənlər Lütf ilə mənə salam edərlər; Qalsam eyi gər ilə nəhayət Qəbrim qılınır mənim ziyarət. Nizami Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işləndiyi Nizamiyi-Gəncəvi adıyla tanınmışdır. Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı “İlyas”dır. Atası – Müəyyəd oğlu Yusifdir. Anası, şairin özünün qeyd etdiyi kimi, “Pəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil. Məxəzlərdə qeyd olunmamışdır. Şairin ləqəbi “Nizaməddin”dir. Künyəsi “Əbu-Məhəmməd”dir. Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi, Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci (hicri ilə 535-ci) ildə anadan olmuşdur. Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetim”idir. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür. “Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır. Təzkirələrin bir qismində qeyd olunduğu kimi, Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə, bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisinin oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq, gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Dediyimizə sübut üçün Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda tutduğu görkəmli yeri şahid gətirmək olar. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır. Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red.) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur ürfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair, onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şer dili ilə xülasə etmişdir. Bundan əlavə, şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır. Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, Peyğəmbərin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox...”. Əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumata görə, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır. Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi, Ömərə sevgidən də xali deyildi”. Din sahəsində göstərdiyi bu müvazinəti o, fikir sahəsində də göstərirdi. Bir sufi sifətiylə sufiliyə çox yabançı olmadığı kimi, tərki-dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. Israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, o, həyatı sevirdi və həyat sevgisində özünə məxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi. Sufilikdəki seyr və süluk təhsilini kimdən alması, hansı şeyxlər tərəfindən irşad və hidayət edilməsi barədə şairin özü susub bir söz deməmişdir; yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs alması qeyd olunur. Tədqiqatçıların bir qismi Nizaminin sufi olmasını qəbul etməsələr də, onun sufiyanə həyat keçirməsi barədə bütün alimlər həmrəydirlər. O, yalnız şair deyil, eyni zamanda yüksək səviyyəli müdrik, bilici və şeyx kimi tanınmışdır. Nizaminin müəllimləri sayılan adları yuxarıda çəkilmiş Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrdə və tərcümeyi-hal kitablarında heç bir müfəssəl məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kimi, şairin öz əsərlərində də bu xüsusda heç bir xəbər yoxdur. Bu çatışmazlıq nəticəsində şairin mənəvi şəxsiyyətinin həqiqətdə hansı qaynaqdan ilham almış olduğunu göstərmək çətindir. Müəllimləri sayılan şeyxlərin adlarındakı “Əxi” və ya “Əxu” komponentlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin “ƏXİLİK” təriqət və cəmiyyətinə mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər. “Əhli fütüvvət”də deyilən bu əxilik cəmiyyəti üzvlərinin nə kimi fikir cərəyanını təmsil etmiş olduqlarını tədqiq edib incələmək dolayısı ilə də olsa, Nizaminin hansı və nə kimi ictimai və fəlsəfi bir məktəbə mənsub olduğu haqqında da bizə qəti olmasa da bir təsəvvür verə bilər. Nizaminin dövründəki əxilər haqqında məlumat yoxdur. Yalnız İbn-Bəttutə XIV əsrdə yazdığı əsərində əxilər haqqında çox gözəl məlumat vermişdir. Bu məlumata görə “Əxilik hər yerdə, şəhər və kəndlərdə mövcud olub, Rum (yəni Anadolu) türklərinin yaşadıqları bütün ölkələrdə var imiş. Əxilər evsizlərə, yolçulara qayğı göstərərlərmiş, acları yedirər və möhtaclara yardım edərlərmiş, zülm və haqsızlıq edənləri isə öldürərlərmiş. Ibn Bəttutə yazır: “Bu xüsusda bütün dünyada bunlardan daha çox qeyrət və qayğı göstərən başqa bir kimsə yoxdur”. “Əxi öz sinfindən olan adamları birləşdirən şəxsə deyilirmiş. Onlar yalnız öz zümrələrindən olanları deyil, başqa əsnafdan olan gəncləri, evsiz və kimsəsizləri də bir təşkilatda birləşdirirmişlər. Təşkilata daxil olan üzvlər təşkilatçını özlərinə sədr seçərlərmiş. Bu sədrlərə ƏXİ (yəni: qardaş) deyərlərmiş. Bu cəmiyyətlərin üzvlərinə “əhli-fütüvvət” də deyilərmiş. Fütüvvənin özünə məxsus, müasir terminlə desək, klubları da varmış. Ibn Bəttutə bizə özü gördüyü ƏXİ klublarını (yəni zaviyələrini) belə təsvir edir. “Bir ev tikirlər, rəngləyib ağardırlar, yeri xalçalarla döşəyirlər və lazımi avadanlıqla doldururlar. Yoldaşlar gündüzlər işləyir və gündəliklərini qazanırlar. Qaranlıq çöküncə həmin evə gəlir və qazancları ilə satın aldıqları yemək və meyvə-tərəvəzi və s. özləri ilə bərabər gətirirlər. Şəhərə yeni səyyah gəlmişsə, onu da yanlarına alıb, həmin evə gətirib, pulsuz-parasız yemək verərək qonaq saxlayırlar. Həmin səyyah yoluna davam edincəyə qədər onların qonağı olur. Mən dünyada bunlar kimi yaxşılıq edən, gözəl işlər tutan başqa bir adama rast gəlmədim”. Ibn Bəttutə əxilərin xarici görünüşü, qiyafələri və geyimləri haqda da məlumat vermişdir: “Geyimləri qaba qumaşdan və çox sadədir: ayaqlarına çəkmə geyir, başlarına isə keçədən düzəldilmiş “səllə” deyilən papaq qoyurlar. Bu səllənin üst tərəfinə uzunluğu bir və eni iki qarış olan qumaş (əslində: təyləsan) bağlayırlar. Bellərinə iki qarış uzunluğunda xəncər bağlayırlar. Onlar bir yerdə toplandıqları zaman başlarındakı səlləni çıxardıb bir yana qoyurlar. Belə hallarda başlarında takiyə kimi ipək bir araqçın qalır”. Bu qısa məlumatdan göründüyü kimi, ƏXİLİK o zaman şəhər əsnafı arasında geniş yayılmış fəal bir fikir cəmiyyəti imiş. Ibn Bəttutə qeyd edir ki, hökumətsizliklə keçən anarxiya dövrlərində bəzi vilayətlər əxilər tərəfindən idarə edilir və xalqın asayişi təmin olunurmuş. Böyük Səlcuq imperiyasının dağıldığı bir zaman yerli dərəbəylərin artmaqda olan zülm və zorakılıqlarına qarşı şəhərli əsnafın özünü qorumaq ehtiyacından doğulan bu təşkilatlara mənsub olanlar, şübhəsiz, o dövrün fikir cərəyanını təşkil edən sufiliklə bağlı olmuşdur. Lakin digər sufilik cərəyanlarından fərqli olaraq, əxilər sadəcə olaraq, fikir və riyazət sahəsində cəmiyyətdən uzaqlaşaraq passiv bir həyat sürməmiş, dərvişlik etməmişlər; əksinə, onlar mübarizə məqsədilə təşkilat səhnəsinə atılmışlar. Əxiləri orta əsrlərdəki Yaxın Şərqin şəhərlərinə hökmranlıq edən dərəbəylərə qarşı çıxan bir növ inqilabçılar kimi qəbul edib qələmə verənlər də vardır. Məsələn, professor Bertels Nizaminin şerlərində bir növ professional inqilab təşkilatı kimi təsəvvür etdiyi əxilik düşüncəsinə uyğun gələn fikirlər tapmışdır. Professor “Leyli və Məcnun” poemasının müqəddiməsindəki “Saqinamə”dən bu sətirləri öz fikrinə şahid gətirir: Nə vaxtadək buz kimi durmaq donuq Suda ölü siçan tək olmaq uyuq?! Çevşekləmə, gül kimi yumşaq olma, Bənövşə tək iki üzlü bulunma. Yeri vardır dəliqanlı olmaq yegdir Dəliqanlı çılğın olmaq gərəkdir. Tikan kimi sivri bulun, sərt davran, Başına güldən çələnglər hörsün dövran. Bertels bu şerdəki “tikan” ilə əxilərin bellərindəki “xəncər” arasında bir əlaqə görür. Əxilərin mübarizliyi və Nizami təlimatı arasındakı münasibəti göstərən bir-iki beyti də biz əlavə edək: Huşsuzlara yataq olan bir qəryə Zalımlara verir qolayca cizyə Arslan ürəkli olmadan iş aşmaz, Öküz ürəklilərdə mərdlik olmaz. Nədən boyun əyirsən hər qəzaya, Nədən razı olursan hər cəfaya? Dağ kimi dur, sırtın olsun qayadaş, Üzünə qabar daşürəyin, əymə baş! Nizamidən sitat gətirilmiş bu beytlər onun İbn-Bəttutənin öz hekayəsində təsvir etdiyi əxilərlə münasibətdə olduğunu elmi şəkildə təsdiq edə bilməz. Göstərilən uyğunluqlar sadəcə bir ədəbi fərziyyə və ehtimal doğurur, çünki bizim İbn-Bəttutə zamanına qədər böyük inkişaf yolu keçmiş, yeriyib-yetişmiş əxiliyin Nizami dövründəki vəziyyət və durumundan xəbərimiz yoxdur. Biz yalnız bu hərəkətin digər sufi təriqətləri kimi Şərqdən, Xəzər sahillərindən və Xorasandan gəldiklərini fərz edə bilərik. Hələ Səlcuqlar zamanında “Əsnaf cəmiyyətlərinin” Ön Asiyada yayıldığı bizə məlumdur. Yalnız “Xəmsə”nin ədəbi təşbehləri arasında “Əxiliyi” andıran fikirlərə deyil, əsnaf cəmiyyətləri arasında yayılmış və onları birləşdirən “Əxi” ideologiyasında da Nizami fikirlərinə uyğun ideyalara rast gəlirik. “Fütüvvətnamə”lərdəki əxlaq normaları ilə Nizamidəki əxlaqi beytləri qarşılaşdırsaq, ibrətamiz nəticələrə gələ bilərik. Şairin şəxsi həyatına aid məlumat təəssüf ki, çox azdır. Təzkirəçilərin bu xüsusdakı laqeydliyi hamıya bəllidir. Təzkirəçilər şairin üç dəfə evləndiyini, bir oğlu olduğunu xəbər verirlər. “Xəmsə”ni diqqətlə oxuyarkən şairin şəxsi həyatına aid başqa bəzi yeni təfsilat çıxara bilirik. Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu Qıpçaqlı bir kəniz olmuşdur. Bu türk qızını Nizami son dərəcə sevmiş və onunla “bir yastığa baş qoymuş”, yəni evlənmişdir (1173-cü ildə). Canı kimi sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlmişdir. Qıpçaqlı gözəl “Xosrov və Şirin” yazılarkən (1180-ci ildə) vəfat etmişdir. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən sözü öz sevgili arvadına gətirərək deyir: “O (Şirin), mənim Qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun özü idi”. Beləliklə, Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adı Afaq olduğunu, bəzi tədqiqatçıların qənaətinə görə, şair yeri gəlmişkən bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da “türküm köçdü isə də, İlahi, türk balasını sən özün qoru” sözləri ilə bizə anlatmaqdadır. Şairin öz oğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yoxdur. “Türk” arvadına olan bağlılığı şair “türk balası”na keçirmişdir. Eşqin ilahi şairi Nizami evlənmə məsələsində birarvadlı (monoqamiya) olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənmişdir, lakin o, heç bir zaman çoxarvadlı olmamışdır. Filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində Nizami birarvadlığın məziyyətini özünə məxsus bir üslubla açıqlamışdır; “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Dünyanın yeddi atası və dörd anası olduğu üçün onun işləri dolaşıqdır. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla”. Nizami “İqbalnamə”nin sonunda filosof Arximedi başdan çıxaran çinli türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətdən aydın olur ki, “Şirin” surətini yaradarkən öz sevimli “Apaq”ını, “Leyli”ni yazarkən ikinci “gövhər”ini, çinli türk gözəlinin macərasını şərh edərkən üçüncü “gəlin”ini itirmişdir: Nəzmə çəksəm hər zaman bir dastan, Çox tühafdır taleyim, verməz aman! Saçmağa başlasam ətrafa şəkər, Sevgili bir dilbərim əldən gedər. Dadlıca Şirini çün xəlq eylədim, Çox şəkər bir yarımı dəfn eylədim. Leylinin çün köşkünə çəkdim hasar Başqa bir gövhərimi mən etdim nisar. Getdi dünyadan yenə bir nazənin Oldu cənnətlik bizim tazə gəlin. Nə qəribə bir tale şairi təqib etmişdir – yaratdığı gözəl qəhrəmanlar sevdyi gözəl həyat yoldaşlarını özlərilə götürüb aparmışlar! Bu, qadın qısqanclığının bir təzahürüdürmü? Bəlkə də Nizami sevgili qadınlarının surətlərini öz sənətinin qüdrəti ilə yaşatmaq istəmişdir? Özündən “bu gəlinlərin qüssəsi ilə kədərli ikən, rumla rusun hekayətlərini necə nəql eləyim?” – soruşan şair öz sualına cavab verir: “Ən yaxşısı budur ki, dərdlərimi unudub bu dastanları yazmaqla öz könlümü xoşlandırım”. Ilk eşqinin yadigarı olan oğlu Məhəmməd haqqında şair daima düşünmüş və bu “türk balasını” candan gələn bir istəklə bəsləmişdir. Beş böyük əsərinin dördündə xüsusi bir şəkildə, şairin öz “Məhəmmədciyi”nə xitab edən beytləri diqqəti cəlb edən düşüncə və duyğularla doludur. Bir ata öyüd-nəsihətləri şəklində olan bu xitablar müdrik, bilici şairin kamil adam tipinin necə yetişə biləcəyi haqqındakı ən səmimi duyğularının tərcümanıdır. Çox isti bir istəyin məhsulu olan bu duyğuları ilə o, sevimli oğlunun xatirəsini də sevimli əsərlərilə birlikdə əbədiləşdirmişdir. Həqiqətən o, öz oğlunu əsərlərindən biri kimi qəbul etmiş və onu kitablarına qardaş saymışdır. Öyüd və nəsihətlərində şair oğlunun mənəvi tərbiyəsi və cəmiyyətdə tutacağı mövqe ilə maraqlandığını müvafiq və kafi dərəcədə açıqlamışdır. Bununla bərabər, Nizami oğlunu həyatda maddi cəhətdən təmin etmək haqqında da düşünmüşdür. O, “Leyli və Məcnun” poemasını Şirvan sarayına oğlu Məhəmməd vasitəsilə göndərmiş və kitabın müqəddiməsində Şirvanın gənc vəliəhdinə yazdığı xitabın sətirlərində “öz əziz oğlunu dəyərli şahzadəyə əmanət vermiş” və eyham vasitəsilə ona dövlət idarəsində (divanda) bir iş verilməsini xahiş etmişdir. Bu xahişin nə ilə nəticələndiyi məlum olmasa da, bunun özü sevən bir atanın istəkli oğlunun müqəddəratı ilə axıra qədər məşğul olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Səmərqəndli Dövlətşah, Lütf-Əli bəy Azər və digər təzkirəçilərin qeydlərinə əsasən, Nizaminin yalnız bir oğlu olmuşdur. Lakin hicri tarixi ilə VII əsrdə yazılmış “Lübab-ül-əlbab” təzkirəsinin müəllifi Məhəmməd Sufi, Nizaminin kiçik ikən ölmüş bir oğluna yazdığı bir mərsiyyəni nəql etmişdir: Cənnət gözəlləri ilə bir yastığa baş qoyan, Yavrum, gözəl üzünlə məzara oldun rəvan. Meyvəsini həyatın, yavrucuğum, dərmədin, Vardın cənnətlik oldun, cəhənnəmlik olmadın. Ömür daha çəkmədi yanağına bir xət sənin, Kim yazmışdı bu qəzanı başına biaman? Torpaq gözümdən axan qanlı yaşla islansa, Kimsəyə gəlməz qərib, ey mənim canımda can. Su verməmək tarlaya necə mümkün olur ki, Üzündəki səbzəlik torpaqda tutmuş məkan. Beləliklə, Nizaminin Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir. Lakin qeyd etmək lazımdır ki, bu mərsiyyənin naməlum, yad bir gəncə yazıldığını iddia edənlər də vardır. Öz arvadlarına bəslədiyi hissiyyat, oğlu Məhəmmədə göstərdiyi qayğı, əlaqə və yuxarıdakı mərsiyyəsi Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırmaqdadır. Tərcümeyi-halına aid qeydlərdən göründüyü kimi, Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan tamamilə heç bir tərəfə ayrılmamışdır. Yalnız təzkirələrdə həmvətəni Xaqani Şirvani ilə birlikdə bir dəfə həccə getdiyi qeydinə təsadüf olunmaqdadır. Fəqət buna şübhə edənlər də vardır. Nizami təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşamışdır. Təvazökarlıq Nizami həyatının ana xətti olmuşdur. Firdovsi məşhur “Şahnamə”sini Q ə z n ə sarayında ona ayrılmış xüsusi otaqda min bir qayğı içində və ona vəd edilən qızıl üçün yazmış, sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilmiş davası ilə məşhur ikən, Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, kimsədən heç bir şey ummadan yazmışdır. Öz “ruzi”sini isə o, başqalarının “Əl süfrəsindən yox”, “ruzi paylayan Allahdan” gözləmişdir. Təvazökarlıqla eyni qaynaqdan gələn gözütoxluq da şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. “Başqasını çörəyinin iti və ya süfrəsinin pişiyi” deyil, “öz əməyinin məhsulunu yeyən” və “işığını öz yağından alan”lara Nizami şəxsi təcrübəsinə əsaslanaraq, dünya padşahlarının onlara qulluq edəcəyini vəd edir. Nizami dövrünün başqa məddah şairlərindən fərqli olaraq, hökmdarlar qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşamışdır. Şair bu hərəkətin hikmətini bizə belə şərh etmişdir: “Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla durub-oturmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da, salamatlıq ondan uzaqlarda olur. Pərvanə şamın işığına can ataraq, ona yaxınlaşınca yanır”. Səmərqəndli Dövlətşah şairin bu fikirlərinin izilə gedərək, Nizami ilə sultan Qızıl Arslan arasında keçən çox maraqlı bir hekayət söyləyir: “Azərbaycanın qüdrətli və zəhmli padşahı atabəy Qızıl-Arslan Nizamini görmək istəmiş və şairi yanına çağırtdırmışdır. Göndərdiyi adam şairin ibadətdə olduğu və heç kimsə ilə görüşmək istəmədiyi haqda padşaha xəbər gətirmiş. Sultan bu cəsarətli şeyxi şəxsən görmək istəmiş. Padşahın niyyəti haqqında xəbər tutan şair sultana öz əzəmətini göstərmək üçün kəramət göstərmiş, indiki terminlə desək, onu hipnoz etmişdir: Qızıl Arslan şairin yanına gəldikdə, şahanə bir taxt üstündə oturmuş, ətrafında qullar, xidmətçilər, məmur və əsgərlərlə dolu əzəmətli başıtaclı bir şahla qarşılaşmış. Bu əzəmət qarşısında kiçilən sultan ehtiramla yerə əyilərək ona təzim etmək istəyərkən, önündəki mənzərə dəyişmiş: padşah özünü sadə bir döşək üstündə oturmuş, qabağında qələm və mürəkkəb yazı ilə məşğul bir şeyxin qarşısında görmüşdür”. Beləliklə, şair ilə şah arasında səmimi bir dostluq yaranmışdır. Bu hadisədən sonra “iki hökmdar” ara-sıra görüşməyə davam etmişlər. Bu, şübhəsiz, bir əfsanədir. Lakin bu əfsanə Nizaminin müstəqilliyini və hökmdarlara qarşı laqeyd və onlardan asılı olmadığını göstərən böyük bir rəmz və simvoldur... Nizami bu əsaslı fəzilətlərinə uyğun yüksək bir əxlaq sahibi olmuşdur. Dünyanın heç bir zaman boş qalmadığı qaba tiplərlə bədniyyətli adamlarından Nizaminin həddindən artıq çəkdiyi əziyyətlər onun şikayətnamələrindən aydın görünür. Lakin şair öz müasirləri kimi qabalıq və kobudluqlara şiddət və hiddətlə deyil, özünəməxsus yumşaqlıq və yaxşılıqla qarşı çıxmışdır. Təbiət etibarilə yumşaq və hamıya yaxşılıq diləyən şair ona pislik istəyənlərə belə, pislikdən çəkinmişdir. Onun sözlərilə desək, o, pislik edərsə, “bu pislikdən mənəvi əzab çəkəcəyinə” əmin olmuşdur. Yaxşı olmaq, yaxşılıq etmək və yaxşılıqda qalmaq şairin həyatdakı əsas prinsipi olmuşdur. Kobudluq qarşılıqlı kobudluqla deyil, əksinə, yaxşılıqla aradan qaldırıla bilər. “Ömrünün sonuna qədər yaxşılıq edə bilsə” şair özünün “yaxşı adamların ziyarətgahı” olacağına inanmiş və bu haqda yazmışdır. Əsərlərində hamıya tövsiyyə etdiyi: “Həvəs və nəfsə hakim olmaq lazımdır” prinsipinə ömrünün axırına qədər sadiq qalan bu Allah adamı, öz “əlinin zəhməti” sayəsində ömrünü kasıb “dərviş əzəməti” ilə keçirmişdir. Zəmanəsinin o biri şairləri kimi Nizami saraylarda qulluq edib, padşahların arxasınca getməmişdir. Hökmdarların hüzuruna çox nadir və yalnız xüsusi surətdə çağrıldığı hallarda getmişdir. Şairin yazmış olduğu qəsidələr o dövrün hakim və sultanlarına yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. Nizaminin qəsidələri, təzkirəçilərin yekdilliklə söylədikləri kimi, sufilikdən, inziva və guşənişinlikdən, dünya nemətlərindən pəhriz etməkdən və hamının mənafeyinə çalışmağa çağıran öyüd-nəsihətlərdən ibarətdir. Başqalarına qayğı göstərmək (altruizm), “bacarırsansa başqasının yükünü çək, yük çəkən birisini qurtarmaqdan daha yaxşı nə ola bilər”. Nizaminin bu dedikləri onun təbiətinin ən xarakterik xüsusiyyətlərini təşkil edir. Şair “Xosrov və Şirin” ilə “Yeddi gözəl” kimi saray həyatı ilə “çalğı” və “içki” məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, bu kimi eyş və işrət məclislərinə getməmiş, ömründə, bir dəfə də olsun, ağzına “içki” almamış və ya öz ifadəsi ilə desək, o, dodağı ilə ətəyini şəraba bulaşdırmamışdır. Bu dediklərimizi həm şair özü poemalarında qeyd etmiş, həm də onun həyatı haqqında məlumat verən təzkirəçi və alimlər bir ağızdan təsdiq etməkdədirlər. “Ağıla düşmən olduğu üçün haram” hesab etdiyi şərabdan iyrənən şairə, əsərlərində gördüyümüz saqilərin böyük həvəs və şövq ilə qədəhlərə süzdükləri şərab əcəba hansıdır? Bu, şairin səmimi şərhinə görə haram olmayan, ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır – elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə “məstü bihuş” etməkdədir. Nizami izzəti-nəfsinin yüksəkliyi ilə tanınmışdır. Özünü dərk etmiş bu həqqi insan, özünün dediyi kimi, “vücudunun xaricində yaşamaq sirrini” bilməklə qalmamışdır, eyni zamanda, müasirlərinə özünə qarşı böyük bir ehtiram hissi təlqin etməyi bacarmışdır. “İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən, bilavasitə bildirir ki, o, “Allaha sığınmaqdan başqa bir qayğısı olmayan bir mütəfəkkirdir” və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edirlər”. Beş böyük məsnəvisindən birincisi – “Məxrənül-əsrar”ı Nizami hicrinin 559-cu ilində (miladi: 1160-cı ildə) yazmışdır. Həmin tarixdə şair 20 yaşında olmuşdur. “Məxzən” onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şerləri ilə artıq yaxşı tanınmış bir sənətkar idi. Qəzəllər öz dövründə hər yana yayılmış və bütün oxucular tərəfindən sevilmişdi. Azərbaycan atabəylərindən Qızıl Arslanın məclislərində xanəndələrin onun qəzəllərini oxuduqlarını şair özü qeyd etmişdir. Son böyük əsəri “İskəndərnamə”ni Nizami hicrinin 597-ci ilində (miladi: 1201-ci ildə) yazmışdır. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğramışdır. Iskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən həkim şair öz ölümünü də təsəvvür etmiş və “onların yuxuya getdikləri kimi Nizami də uyudu” demişdir. Altmış üç ilə yaxın ömrünün yarım əsrlik mühüm bir qismini sənət, hikmət və insanları düz yola hidayət etməyə sərf etmişdir. Nəhayət, öz sözlərilə söyləsək, 1204-cü ildə o, “müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşmuşdur”. Beləliklə, dünyanın ölməzləri sırasına keçən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olmuşdur. Şair hələ həyatda ikən həmvətənləri tərəfindən gördüyü hörmət və məhəbbətin çox gözəl bir əfsanə şəklində sonrakı nəsillərə keçmiş olduğunu bilirik. Nizamiyə bu simanı verən onun yalnız böyük bir şair deyil, eyni zamanda, xalq üçün çalışan, vətən üçün yanan idealist bir mücahid və cəmiyyət adamı olmasıdır. * * * * * * Şairin Azərbaycan hökmdarları ilə münasibətləri Şairin Qızıl Arslanla görüşmələrindən: Girib dərgaha qasib ərzə gəldi. Dedi: “Şahım, nəhr dəryaya gəldi”. N i z a m i Nizami “Pənc gənc” (“Beş xəzinə”) adlandırdığı beş məsnəvisinin müasiri olmuş hökmdarların adları ilə bağlamışdır. Bu münasibətlə onların özlərilə ya yazışmaq vasitəsilə, ya da görüşmək yolu ilə təmasda olmuşdur. O, dolayısı ilə də onlardan söz açmış və mədhiyyələr yazmışdır. Şairin bilavasitə mədh etdiyi sülalə, dövrlərində yaşamış olduğu Azərbaycan atabəyləridir. Əsərlərindən iki böyüyünü (“Xosrov və Şirin” ilə “İskəndərnamə”ni) şair atabəylərə ithaf etmişdir. Həyatı ilə sıx bağlı olduğu üçün burada şairin əsərlərindəki ithaflar üzərində bir az dayanmağımız lazımdır. Nizami ilk məsnəvi “Məxzən-ül Əsrar”ı şair Sənaninin Qəznəvilər sülaləsindən olan Bəhram şahın adına yazdığı “Hədiqət-ül-əsrar”a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah Mənküçəkə ithaf etmişdir. Kitabı Bəhramşaha təqdim etmək üçün Nizami şəxsən özü Ərzincana getmək istəmişsə də, o zamankı qoşun hərəkətləri ucbatından öz məqsədinə nail olmamışdır, çünki “yollar bağlanmışdı”. Buna görə şair kitabın yalnız göndərilməsiylə kifayətlənmişdir. Öz əsərini göndərərkən, şair Ərzincan sarayının şaha yaxın şairlərlə əhatə olunduğunu bilirdi, lakin onlara üstün gələcəyinə də əmin idi. “Rumu alan və Abxaziyanı fəth edən” Bəhramşaha müraciət edərək şair deyir: “onlar, yəni Ərzincan şairləri Nizaminin qabağında hesab verəcək kimsələrdir”. O, özünü “sözdən düzəldilmiş qılınc sahibi” adlandırır və “qarşısına çıxanların başlarını kəsəcək” deyə öyünür. Şairin ikinci böyük əsəri – “Xosrov və Şirin”dir. İthaf və mədhiyyələri baxımından bunun diqqəti cəlb edən orijinallığı vardır. Əsər, əslində, o dövrün həqiqi sahibi və hökmdarı Azərbaycan atabəylərinin ikincisi olan Şəmsəddin Məhəmməd Cahan-Pəhləvanın adına yazılmışdır. Lakin o zaman İran Səlcuqlarının sonuncusu Toğrul ismən (nominal şəkildə - red.) hələ sultanlıq rütbəsini daşıdığı üçün kitab da rəsmən onun adına ithaf olunmuşdur. Bu ithaflarda hər nə qədər sultan Toğrula “Sultan” və atabəy Məhəmmədə “naib-e sultan” deyilirsə də, məqsədin ifadəsinə gəlincə, əsl sultanın kim olduğu meydana çıxır. “Pənah-e mülk” ilə “xodavənd-e cəhan” olan “sultan-e adil”dən şairin istədiyi yalnız “şahənşahlar başçısı” olub, “dünyanı zülmdən qurtarmış” böyük atabəyə tövsiyədən ibarətdir. Həmin atabəyə ki, onun kimi qüdrətli ikinci adamı analar doğmayıb; “Həbəşdən Çinə qədər bütün ölkələr bu dövlət xadiminin üzünə açılır; İraqda badə qaldırarkən, Rum ilə Şama qorxu salan bu adamın Abxaz ilə Dərbənd ovlağıdır; Xarəzm ilə Səmərqəndə hücum edən, Gəncədən Xuzistana qədər fəth edən və Ümmandan İsfahanadək at çapan da odur”. Nizami “duaçı”sı olduğu bu qəhrəmanın düşmənlərini qarşılayaraq deyir: Bir şey onunca deyilsə məqsud Od tutub yansın, olsa da gər ud. Dünyada hər kəs ona qabarsa, Suda boğulsun şəkər də olsa; Hər kəs qəlbini onun daraltsa, Yerə batsın o, xəzinə olsa. Toz qondurarsa ona bir könül Solub tökülsün, olsa da bir gül. Çox canlı və mübaliğəli mədhiyyəsinin yuxarıda gətirdiyimiz beytlərindən də göründüyü kimi, Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə bir atabəy və sultan naibi deyildir: “fəth-i şahi ilə ovn-i İlahi”yə nail və layiq olan bu adam səltənətin sığınacağı, “Xilafətin dayağı”dır. Bu, klassik Şərq ədəbiyyatının məşhur bir təşbihi ilə “İkinci Fəridun” və “Cəmşid-e cani”dir. Hətta onlardan da yüksəkdir, çünki “onların taxt ilə tacları var idisə”, bunun “möhtaclara tac bağışlaması” vardır. “Hər xosrovun (yəni padşahın) yanında bir pəhləvan olursa”, bu özü “həm pəhləvan, həm də xosrovdur”. Atabəy Məhəmmədin xatiri bir də “şahlar şahı atabəy Şəmsəddin Eldənizin (Eldəgizin) vəliəhdi” olmaqla əzizdir, çünki Nizami özünü bu “bağçanın”, yəni Eldənizlər sülaləsinin “ilk quşu” (bülbülü), yəni şairi hesab etmişdir. Nizami Atabəy Məhəmmədlə bərabər, onun vəliəhdi olan və sonralar taxta çıxmış qardaşı Osman Qızıl Arslanı da mədh etmişdir. Daha doğrusu, əvvəlcə sultan Toğrul ilə Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdi kimi mədh edilmiş Qızıl Arslanın adına poemanın sonunda da uzun bir “xatimə” həsr olunmuşdur. Bu mədhiyyəyə görə, Qızıl Arslan şərqin padşahı, qərbin isə pənahıdır. “O, istəsə Çindən xərac, Rumdan isə cizyə alar. Əgər Hindistanın fəthinə varsa, oranı qaralardan təmizlər”. Əsərin digər bir yerində şair lütfünü gördüyü bu qüdrətli sultanın öldürülməsindən duymuş olduğu kədəri nəzmə çəkmişdir. “Abi-həyatı dadmayan Zülqərneyn kimi gəncliyinin meyvəsini yemədən bir düşmən yarası ilə şəhid olan” bu padşahın xatirəsini əziz tutub ağlamışdır. Bununla bərabər, şair bağlı olduğu Atabəylər sülaləsinin qüdrət və qüvvədə qaldığından təsəlli alaraq demişdir: “O öldüsə, Məhəmməd oğlu Əbu-Bəkr sağ olsun”. Eldənizlərin bu ziyalı nümayəndəsinə Nizami özünün ən böyük poeması olan “İskəndərnamə”ni ithaf etmişdir. Üçüncü məsnəvisi olan “Leyli və Məcnun”u şair Şirvanşah Mənuçehrin oğlu Axsitanın sifarişilə yazmış və onun adı ilə bağlamışdır. Şirvanşahlar Şimali Azərbaycanda yerli bir sülalə olub, hökmdarlıqları, bəzən mərkəzi Gəncə olan Aran vilayətinə, hətta Araz çayının cənubunda Təbriz və onun ətrafına belə şamil olmuş, bəzən də Cənubi Azərbaycanda yüksələn hökmdarlara, məsələn, Azərbaycan atabəylərinə tabe bir vəziyyətdə olmuşlar. Bunlar şərqdə örnəkləri görünmüş olduğu kimi, öz nəsillərinin qədimliyini göstərmək üçün özlərini İran Kəyanilərinə bağlayırdılar. Nizami də Məlik Mənuçehrin “Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan” bəhs etmişdir. Bundan başqa, şair Axsitanın “Əbül-Müzəffər” (yəni “Zəfər, qalibiyyət atası”) olduğunu bildirərək, elm və ürfan adamlarına hamilik etdiyini də alqışlarla yad eyləmişdir. Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən olan bu adlı-sanlı Azərbaycan hökmdarının bütün maddi-mənəvi məziyyətləri ilə parlaq portreti Nizaminin poemasında verilmişdir. Şairin “Həft peykər” adındakı dördüncü məsnəvisi Marağa hakimi Ağsonqurlar nəslindən Əlaəddin Körp (körpə) Arslanın xahişi ilə yazılmış və ona da ithaf olunmuşdur. Bu şəxs şairin şerlərində qüdrətli bir hökmdar, “tac bəxş edən və bac alan bir “xosrov”dur. “Ölkələr alan bu Arslan tac və taxt etibarı ilə Alp-Arslandan daha üstündür”. “Ağsonqur nəsli onunla ucalıb”. Beşinci məsnəvi – “İskəndərnamə” yuxarıda qeyd olunduğu kimi, Azərbaycan padşahlarından Atabəy Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur. Bu hökmdar atabəylərdən şairin şəxsən çox sevdiyi Məhəmməd Cahan-Pəhləvanın oğludur. Əmisi Qızıl Arslan öldürüldükdən sonra Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hakimiyyəti nisbi bir rahatlıq içində keçmişdir. Bizə rast gəlmiş bir qeydə görə, Əbu-Bəkrin özü də şair imiş və “Bişkin” təxəllüsünü daşıyırmış. Eyni zamanda, bu padşah elm, ürfan və ədəbiyyatın da hamisi imiş. Nizaminin Əbu-Bəkrə həsr etdiyi sətirlərdə onun atası ilə əmisinə bəslədiyi coşğun məhəbbət hiss edilməkdədir. Əbu-Bəkrin ədəbiyyat maraqlısı və hamisi olduğu da şair tərəfindən ayrıca qeyd edilmişdir. Nizaminin fikrinə görə, “başqaları insansa, atabəy Əbu-Bəkr “tam bir insanlıqdır”. “İrəm bağından uçmuş bülbül” – Nizami öz “aramgahını” bu “insanlıq bağında” tapmış və onun “dövründə bəstələdiyi nəğmələrlə adının illərcə yaşamasını təmin etmişdir”. Şairin dördüncü Atabəyi mədh etdiyi şerlər rəsmi ithaf çərçivəsindən çıxaraq, səmimi hissiyyat və böyük sevgini tərənnüm edirlər. İskəndərin fəzilət və qəhrəmanlıqlarını təsvir edən bir mətnin içərisində şair bəzən etdiyi kimi aktual məsələlərə keçərək, bir neçə beytlə dövrünün hökmdarına müraciət edir. Bu xitabında Atabəy bəslədiyi sevgisi ilə coşub: “O ulduz batdı isə, sən çıxdın”, “Sənin padşahlığın əbədi olsun!” – deyə xeyir-dua etdikdən sonra, “şah Axsitandan sonra bu gülüstanda Əbu-Bəkrin çiçəkləndiyini” və özünü (yəni şairi) ondan (yəni Axsitandan) daha yüksək tutaraq, “şah bağının heç bir zaman üzünə bağlanmadığını” təşəkkürlə bildirir. “İskəndərnamə”nin ikinci hissəsini təşkil edən “İqbalnamə”də əsərin Mosul atabəylərindən İzzəddin Məsud adına bit ithaf görülməkdədir. Bu barədə əlimizdəki qaynaqlarda üç cür rəy ilə qarşılaşırıq. Birinci rəy “Ensyclopedie de l’İslam”da “Nizami” məqaləsini yazan Y.Bertelsindir. Onun mülahizəsinə görə, “İskəndərnamə” ilk dəfə həmin adama ithaf olunub, lakin sonralar ithafın mətni dəyişdirilmiş, nüsxəsi Atabəy Əbu-Bəkrə təqdim edilmişdir. Ikinci rəy əlimizdəki “Xəmsə”nin hicrinin 1313-cü ilində Şirazda çap edilmiş kitabın müqəddiməsinin müəllifinə aiddir. Həmin müəllif yuxarıdakı fərziyyəni yerli-dibli rədd edir. Şirazlı naşir “İzzəddin məsud fəsli”nin sonralar mətnə əlavə edildiyini söyləyir. O, bu iddiasına poemanın lap əvvəlində “Məlik Nüsrətəddindən bəhs edildiyini” dəlil gətirir. Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Bu mülahizəyə görə, “İskəndərnamə” bir deyil, iki kitabdan – “Şərəfnamə” və “İqbalnamə”dən ibarətdir. Birinci kitab Əbu-Bəkrə, ikinci kitab isə İzzəddin Məsuda ithaf olunmuşdur. “İqbalnamə”nin bəzi nüsxələrində Nüsrətəddindən bəhs edən sətirlər “ilhaqi” – sonradan artırmadır. Əlimizdəki nüsxənin tədqiqi nəticəsində şirazlı naşirin rəyinə biz də şərik oluruq. Xüsusən, İzzəddin üçün yazılmış beytlərin ifadə tərzi Nizami üslubuna tamamilə uyğun deyil. Bundan başqa, Əbu-Bəkrə həsr edilmiş fəsildəki bir çox beytlər qismən eynilə, qismən də qəribə bir dəyişikliklərlə təkrar olunurlar. Bunu hər halda “söz xaliqi” olan bir şairin edə biləcəyini düşünmək qətiyyən mümkün deyildir. Məsələn, Azərbaycan Atabəyinə həsr olunmuş ilk müqəddimədəki: Tərəfdare məğrib bemərdanəki Qıdırxan-e məşriq be fərzanəki. (Məğribin tərəfdarıdır öz mərdliyi ilə, Məşriqin Qıdırxanıdır öz müdrikliyi ilə - red.) beyti Mosul Atabəyi İzzəddin üçün yazılmış fəsildə aşağıdakı şəkli almışdır: Tərəfdar-e Musil befərzanəki Qıdırxan-e şahan bemərdanəki. (Mosulun tərəfdarıdır öz müdrikliyi ilə, Şahların Qıdırxanıdır öz mərdliyi ilə - red.) Başqa misal: Şəhənra ze rəsmi re ayin bovəd, Kəlid ahənin, gənc zərrin bovəd. Beytin o biri variantı: Ze şokr-e vey ənam əfzun bovəd Kəlid ahənin, qofl zər çon bovəd. Belə bir şəklə düşmüş beytin Nizami sözlərinə bənzəmədiyini fars dilini bir az bilən hər bir adam o dəqiqə hiss edə bilər. Başqa misal: Səlah-e cəhan aməd an şəb pədid, Ke əz madər in sobh-e sadiq dəmid. Bu beyt İzzəddinə ithaf variantında aşağıdakı eybəcər şəklə düşmüşdür: Səlah-e sitəm an şəb aməd pədid, Ke əz moukəb an sobh-e sadiq dəmid. Iki başqa-başqa hökmdarlara müraciətdəki misralardakı oxşarlığı hətta birinə ithaf olunmuş (“Əgər digəran k-əslişan adəmist, həme mərdomənd, u həme adəmist”) beytin o birisinin mədhiyyəsində olduğu kimi təkrarlanmasını nəzərə alsaq, heç şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Belə əcaib yazını və ya bu şəkildə şerlərin məzmun və formasının dəyişdirilməsini möhtəşəm söz sənətkarına mənsub etmək onun xatirəsinə qarşı böyük hörmətsizlik olardı. Dünya müharibəsinə görə Avropanın ümumi kitabxanalarında saxlanılan qədim əlyazmalarını görmək olmadı, çünki nadir nüsxələri hava bombardmanından xilas etmək üçün xüsusi sığınacaqlara köçürmüşdülər. Bununla bərabər, Mehmət Məhərrəmin Parisdə satın aldığı XIV əsrə aid bir əlyazmanı araşdıra bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şirazlı naşirin rəyi bu fakt ilə də qüvvətlənmiş olur. Vəhid Dəstgirdinin “Şərəfnamə” ilə “İqbalnamə”nin ayrı-ayrı müstəqil əsərlər olmaları barədə iddiası da qüvvətli deyildir, çünki Nizami özü “Pənc gənc”i təşkil edən məsnəvilərini sayarkən, “İskəndərnamə”dən yalnız bir vahid əsər kimi söz açmışdır. O, “Şərəfnamə”nin müqəddiməsindəki mündəricatını açarkən, İskəndərin həm dövlət xadimliyindən, həm də həkimlik və peyğəmbərliyindən bəhs edəcəyini açıqca elan etmişdir. Deməli, bildiyimiz kimi, bu proqram “İskəndərnamə”nin, yəni bu əsərin iki hissəsində həyata keçirilmişdir. Başqa bir fakt. “İskəndərnamə”, “Şərəfnamə” hissəsində şairin qeydinə görə, hicrinin 593-cü ilində (miladi: 1199) yazılmışdır. Bizə dəqiq məlumdur ki, kitab şairin həyatının son günlərində tamamlanmışdır. Buna, güzgüyə baxıb, “görəsən əsərimi bitirə biləcəyəmmi?” deyərək öz zəiflik və qocalığından şikayət edən şairin özü də işarə etmişdir. 1199-cu ildən sonra bitirdiyi bir əsəri Nizami Mosul atabəylərindən I Məsuda həsr edə bilməzdi, çünki həmin şəxs 1193-cü ildən sonra artıq şah deyildi. Kitab onun dövründən ən azı altı il sonra yazılmışdı. Poema I Məsuda ithaf oluna bilməzdi, çünki 1204-cü ildə ölən bir şairlə 1211-ci ildə taxta çıxan hökmdar arasında bir əlaqə və münasibət ola bilməsini təsəvvür etmək heç cür mümkün deyildir. Deməli, “İskəndərnamə”nin hər iki hissəsi yalnız 1191-ci ildən 1210-cu ilə qədər hakimiyyət başında olan Azərbaycan Atabəyi Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur. “İskəndərnamə”nin Mosul Atabəylərindən İzzəddin Məsuda deyil, Azərbaycan Atabəyi Nüsrətəddinə həsr olunduğunu təsdiq edən bir dəlil də vardır. “Dastanın təzələnməsi haqqında” (“Dər taze kərdən-eindastan”) fəslində şair: “Qızıl Arslanın ölümündən sonra söz yaratmaq necə mümkün ola bilər? Bəlkə, sən şahın lütfü yardım edərək, mənə yenidən söz söyləmək imkanı verə” deyərək təriflədiyi adama müraciət edir. Bir az aşağıda isə həmin şəxsin “həm comərdlik, həm də söz sahibi” olduğundan bəhs edir. Kitab İzzəddinə yazılmış olsaydı, başqa bir sülalə nümayəndəsi olan bu hökmdara qarşı şairin Eldənizlərdən bir hökmdarın ölümündən yana-yana söz salması yersiz olardı. Əksinə, ölənin qardaşı oğluna və taxtına varisi və səltənət vəliəhdinə qarşı belə bir müraciət etməsi tamamilə öz yerinə düşür. Beləcə “Şərəfnamə”nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bundan başqa, “həm comərdlik, həm də söz sahibi” olmaq tərifinə layiq olan şəxs də eyni zamanda şair olan Atabəy Əbu-Bəkrdir. Izzəddin adına yazılan ithafın şübhəli olmasının bir dəlili də V.Dəstgiri nəşrində mövcud olan təzaddır: “Şərəfnamə”nin bir yerində Nizami (bu faktı ingilis şərqşünası E.Broun da qeyd etmişdir) Bişkin təxəllüsünü daşıyan Əbu-Bəkrə müraciət edərək, bu beyti yazmışdır: Moxalef pəsəndiş u pişbin Bədəndiş kəmmehr-o u Bişkin – (Müxalif sonradan, o isə öncədən düşünür, Düşmən amansız, o isə Bişkindir). V.Dəstgirdi bu beyti şərh edərkən, “Bişkin” Atabəy Nüsrətəddinin bir “ünvanıdır” (daha doğrusu “ləqəbi”), – deyir və “necə ki, şair “İqbalnamə”də də həmin ləqəbi işlədir” – qeydini əlavə edir. “İqbalnamə”də isə bu ünvan Atabəy İzzəddin üçün də təkrar edilir və “bişkin”, “pişkin” şəklini alaraq, “əslində “Key-pişkin” ikən sonralar “pişkin” olmuşdur” – deyə izah edilir. Iki şahın eyni ünvanı daşıdıqlarını təsəvvür etmək çətindir. “Bişkin” və ya “Pişkin”in türk sözləri olduğu göz qabağındadır. Nizaminin də şəxsən qeyd etdiyi kimi, şer və ədəbiyyatdan nəsibsiz olmayan Əbu-Bəkrin “ləqəbi” deyil, təxəllüsü olmalıdır. “İskəndərnamə”nin iki hissədən ibarət bir kitab olub, Nüsrətəddin Əbu-Bəkrin adına yazıldığını “Məcalis-ül-üns”ə əsaslanaraq, M.Ə.Tərbiyət də öz kitabı “Daneşməndan-e Azərbaycan”da qeyd edir. Nizami təvazökar həyatını öz əməyinin qazancı ilə təmin etmişdir. Şübhəsiz, bu “qazanc” ö dövrlərdə dəb olduğu kimi, şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı “mükafat” və “hədiyyə”lərdən ibarət olmuşdur”. Şairə aid məlumatlar arasında bu qəbildən olan iki xəbər mühüm yer tutur. Bunlardan birincisi: “Məxzən-ül-əsrar”ın müqabilində Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah şairə 5000 qızıl dinar və beş-yeddi seçmə qatır göndərmişdir. Bu xəbər bütün qaynaqlarda qeyd olunmuşdur. Ikinci xəbərin məzmununu təşkil edən hadisəni şair özü “Xosrov və Şirin” poemasının sonuna Qızıl Arslanın qətlindən sonra əlavə etdiyi xatirədə təfsilatı ilə şərh etmişdir. Bu təfsilata görə, daha əvvəllər Atabəy Məhəmməd sağ ikən öz şəxsi əmlakından iki kəndin şairə verilməsini əmr etmişdir. Atabəy ölərkən “hamı ziyana uğradığı kimi, şair də ziyan çəkmişdir”. Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi şəxsən öz yanına dəvət etmiş, ona sonsuz dərəcədə hörmət və mərhəmət göstərmiş və onun çəkdiyi “ziyan”dan xəbər tutaraq, öz şəxsi mülklərindən “Həmdaniyan” kəndinin fərmanını (sicillini) Nizaminin adına yazdırmışdır. Ikinci kənd haqqında isə zarafatla demişdir: “O barədə şahzadələrlə özün dil taparsan”. Həmdaniyan kəndinin önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu dövrümüzün bəzi tədqiqatçıları irəli sürmüşlər. Padşahın bu hədiyyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər, təbii ki, o zamanlarda da az olmamışdır. Şair bu kimi sözbazları yad etdiyi xatirələrində anaraq, onları “bəlli paxıllar” saymış, “verən məmnun, alan isə şad ikən füzullara nə qalmış?” – deyərək, dedi-qoduya son qoymuşdur. Şirvanşah Axsitanın arzu və sifarişinə görə yazdığı “Leyli və Məcnun” poemasının müqabilində Nizamiyə nə verildiyini bilmiriksə də, şairin şahdan məmnun qaldığını atabəy Əbu-Bəkrə yazdığı müqayisəli beytlərdən anlayırıq. Işi başqa cürə də təsəvvür etmək olmaz. Nizami kimi böyük ustadı belə fikrə daldıran, qorxudan bu çətin və işlənməmiş mövzu əsasında misilsiz bir uğurla möhtəşəm bir sənət əsəri yaradan şairə “yüksək şerin nə olduğunu bilən və öz əsil-nəcabəti ilə öyünən” Axsitan necə laqeydlik göstərə bilərdi? Belə bir şey baş versə idi, şah özünü şairə yazdığı məktubunda ikrahla işarə etdiyi sultan Mahmud Qəznəvinin vəziyyətinə salmış olardı. Belə bir şeyə isə nə Nizaminin əsərlərində, nə də tarixi sənədlərdə heç bir işarə yoxdur. Başqa cür olsaydı, şairin yuxarıda qeyd etdiyimiz təşəkkürünü şirvanşah necə qazana bilərdi? Qapısında Xaqani və Fələki kimi kəskin qələmli şairlər durarkən, mövzusunu Gəncədə öz guşəsinə çəkilmiş ustad sənətkara əmanət etməsini bilən diqqətli şirvanşahın diqqətsizlik edəcəyini kim ehtimal edə bilər?! Hər halda, Tanrıya müraciət edərək “Xəyalındakı ruzisini Məhəmməd amallı padşahdan” diləyən şairin xəyalında tutduqlarının həyata keçdiyinə və uğursuzluğa məruz qalmadığına heç kim şübhə edə bilməz. Bu qənaəti Füzulinin: “Bulmuşdu səfayi-dil Nizami, Şirvanşahına düşüb girami” beyti də qüvvətləndirir. Marağa hökmdarı Ağsonqurlu Körp (körpə) – Arslana ithaf etdiyi “Həft peykər”in də mükafatsız qalmadığını ehtimal etmək olar. Atabəylərin dördüncüsü olan Nüsrətəddin Əbu-Bəkrdən də “İskəndərnamə” üçün “qələm hədiyyəsi” alıb-almaması, ümumiyyətlə, heç bir yerdə qeyd olunmamışdır. Bununla bərabər, özü şair olub və Nizami tərəfindən maarifpərvərliyi təsdiq edilən dördüncü Atabəyin “sülalə gülüstanının ilk və seçilmiş bülbülünə” qarşı laqeydlik göstərilməsini xəyal etmək haqsızlıq olar. Dediklərimizi şairin şəxsən həmin hökmdara (“İskəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə”də) həsr etdiyi beytlər təsdiq edir. Bu beytlərdə yuxarıda qeyd etdiyimiz kimi, şair Atabəy Nüsrətəddin Əbu-Bəkrə müraciət edərək deyir: “Şirvanşah Axsitan məni nemətlər içində bəsləyib, yerdən göylərə qaldırdı isə, sən məni ondan daha yaxşı və yüksək tutdun”. Bu beytlərlə şairin Axsitandan olduğu kimi, Atabəy Nüsrətəddindən də qələm haqqı aldığına tərəddüdsüz inana bilərik. Həmvətənimiz Mehmet Məhərrəmin Parisdə satın aldığı “Xəmsə”nin XIV əsrə aid əlyazmasını bu mülahizələri yazandan xeyli sonra gördük. Burada “İqabalnamə”nin “Xateme-ye kitab” fəslində çaplarda görmədiyimiz bir təfsilata rast gəldik. Bu təfsilata görə, əsərdən son dərəcə məmnun qalan Nüsrətəddin Əbu-Bəkr əvvəlcə qərarlanmış xalisəyarlı 1000 qızılı dərhal Nizamiyə vermiş və bundan başqa minik atları ipək, qumaş və sairədən ibarət on cürə yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt də bəxş etmiş və əlavə olaraq, divandan (dövlət idarəsindən) şairə 400 qızıl miqdarında illik maaş təyin edilməsi barədə xüsusi fərman vermişdir. Yuxarıdakı ehtimallarla bərabər, heç şübhə yoxdur ki, şair həyatını olduqca sadə və təvazökarlıqla keçirmişdir. Bu həyat tərzi bir tərəfdən onun daxili aləmindən gələn “az yemək, çox bağışlamaq” prinsipindən doğan zühd (asketizm) ilə izah edilə bilərsə, o biri tərəfdən isə o zamankı həyat şəraitilə bağlıdır. Şairin yaşayışına aid bu gün üçün alışdığımız “reportaj” qıtlığı kimi, o zamanın “qələm haqqı” da bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla müqayisə edilə bilməz. Nizaminin maddi baxımdan təmin olunub və səssiz-küysüz bir həyat keçirdiyi mübahisə mövzusu olsa da, müasirləri arasında böyük mənəvi ehtiram və nüfuz sahibi olduğu heç bir şübhə doğurmur. O, hələ həyatda və nisbətən gənc ikən üzü köçürülən əsərləri əldən-ələ keçərək, Gəncədən İslam dünyasının hər tərəfinə yayılmışdı. Belə böyük bir adam zəmanə hökmdarlarının qapılarını çox nadir hallarda açdığına baxmayaraq, onların, xüsusən Atabəylər sülaləsinin özünə qarşı çox böyük hörmətlərini görmüşdür. Özünün bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim sənətkar onun qədər də sevilmiş və axtarılmışdır. Ona bəslənən ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda haqqında danışdığımız bir xatirəsindən anlaya bilərik: Azərbaycanın ən zəhmətkeş padşahı sultan Qızıl Arslan yanına çağırdığı şairin gəldiyindən xəbər tutarkən eyş və işrətlə məşğul imiş. “Kef məclisi” qurulub, saqilər şərab tökür, xanəndələr oxuyur, sazəndələr çalır, rəqqasələr də oynayırlarmış. Şairin hamıya məlum olan zahidliyinə (möminliyinə) hörmət əlaməti olaraq, bütün məclis bir anda dayandırılmışdır. Nizami içəri girərkən, padşah ayağa qalxmış və qonağını həyəcanla qarşılamışdır. Onlar qucaqlaşmış və Qızıl Arslan Nizamini min bir rica ilə başda oturdaraq, saqilərlə mütribləri buraxmış və “bu gün ancaq Nizami ilə görüşəcəyəm, çünki onun söhbəti meydən daha nəşəli və neydən daha ahənglidir” – demişdir. Şair ona göstərilən bu diqqət və ehtiramdan son dərəcədə razı qaldığını bildirərək yazır: “Bundan sonra padşahın yanında olanda hamı ayaq üstə durarkən, mən oturaradım”. Nizami padşahın hüzurundan “meracdan dönən Əhməd (Məhəmməd peyğəmbər) kimi qayıtmış və bu hadisəni xüsusi olaraq, öz xatirələrində yad etmişdir. Özüylə çağdaş olan qələm yoldaşlarına az və ya heç qismət olmayan hörmət və etinanı Nizami öz vüqarı və çəkingənliyi ilə əldə etmişdir. Şairin saray qapılarına çox nadir hallarda getdiyinin bir dəlilini də onun ikinci Atabəy Məhəmməd Cahan-Pəhləvana yazdığı mədhiyyədə görürük. Atabəyə öz əsəri “Xosov və Şirin”i gətirən şair sarayda yaşamadığına bəraət qazandırmaq üçün: “Gec gəldimsə də, arslan kimi gəldim” və “Evdə otursam da sənin duaçınam” – deyərək üzr istəyir. Yüksək izzəti-nəfs sahibi olan şair həyatda öz tarixi mövqeyində durmağı bacarmış, heç bir zaman heç kəsin önündə kiçilməmişdir. Hökmdarlara müraciətlərində hətta mədhiyyə yazıb bir şey xahiş edərkən, özünü onlarla bərabər tutmuş, mənəvi aləmi ona daxildən verdiyi qüvvəyə arxalanıb təriflədiyi tacdarlara ata kimi öyüd-nəsihət vermiş, onları düz yola çağırmışdır. Məsələn, “Leyli və Məcnun” poemasının müqəddiməsində şirvanşah Axsitana verdiyi öyüd-nəsihətlər bizim iddiamızın bir dəlilidir. Bu “nəsihətnamə”sində şair padşaha müraciət edərək, ondan bir neçə məsləhət dinləməsini rica edərək, belə kəskin nəsihətlər verir: “Qüdrətli ol, ancaq təmkinini əldən buraxma! Şərab iç, amma sərxoş olma! Ikiüzlüləri yaxına buraxma! Xalqın etimadını qazanmaq üçün verdiyin sözü yerinə yetir! Ürəyin tutmadığı adamlara inanma! Öz düşmənini kiçik görmə! Vuracağını kökündən vur, tutacağını isə alçaltma!” Tələbkar izzət-nəfsini dərin bir təvazökarlıqla həkimanə bir surətdə birləşdirdiyini bilən ustad öz mədhiyyələrində işlətdiyi təşbih və müqayisələrdə belə, öz həyat prinsipinə sadiq qalmışdır. Məsələn, padşahı dənizə bənzədərkən, özünü onun yanına gedən çaya tay tutur. Padşahın bağı “cənnət” isə, o da bir “cənnət quşu”dur. Padşah “ay” isə, özü də “Ütarid” ulduzudur. Şah dünyanın hökmdarı isə, o da sözün sultanıdır. O, vuruşma meydanının pəhləvanı isə, özü məna və söz qəhrəmanıdır – elə bir “söz” ki, “yaradılış pərdəsi açılarkən səhnəyə ilk çıxan o olmuşdur”. Allahın hüzuruna çıxmaq haqqı, Nizaminin rəyinə görə, əvvəl peyğəmbərlərə, sonra da şairlərə verilmişdir. Göylər qədər uca olan şair, bəzən bu haqqından keçən kimi görünürsə də, həqiqətdə o, “başımızın üstündəki üfüqün eyni zamanda yerə qovulmasına” bənzəyir. * * * * * * Nizami öz gözü ilə Hər kəs üçün birər inci işlədim, Özümə də bir qəsidə söylədim. N i z a m i “Özü”ndən məqsəd şairin ədəbi və mənəvi mənliyidir. “İskəndərnamə”də Allaha yalvararkən, “can” adlandırdığı bu mənliyi böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa çevriləcəyini bilən həkim sənətkar özünü əbədiləşdirmək ümidilə “can”ını öz nəzmindən olan bir qəlibə qoyaraq demişdir: “Ey Tanrı, Sənin əbədi varlığını isbat etmək üçün cana sinən çoxlu parlaq dəlillər gətirdim, nə olardı ki, Sən də mənim mənliyimin əbədiliyini bildirəydin!” Bu mənlikdən şair klassik ədəbiyyatda geniş yayılmış və işlədilən “öyünmə üslubu” /”Fəxriyyə” - red./ ilə poemalarının müxtəlif yerlərində öz vəziyyətini təsvir edərkən bəhs etmişdir. Başqalarının “mənlik” və şəxsiyyətlərindən bəhs edərək işlətdiyi üslubu Nizami öz “fəxriyyə”lərində eyni şəkildə işlətmişdir. Klassik ədəbiyyatda “dür deşmək” deyilən məcazi bir ifadə vardır. “Dür deşmək” incə, iti, bakirə ifadələrdə şer yazmaq deməkdir. Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar üçün bir-bir dürlər deşən Nizami özünü də unutmamışdır. Gözəl misra, mənalı söz, dərin və iti məzmunlu təşbihlərlə dolu daş-qaş dükanından ibarət olan “Pənc-gənc”in qiyməti ölçülə bilməz məsnəvilərində səpilmiş bu “dürr”lərdən (inci) seçilmiş sətirlərini bir sapa düzsək, dünyanın ən məşhur brilyant boyunbağılarından daha qiymətli bir təsbeh hasil olar. “Sirlər xəzinəsi”ni yazdığı zaman şair hələ gənc idi, yaşı iyirmiyə yeni çatmışdı. Öz sözləri ilə desək, o, hələ açılmamış bir “qönçə” halında idi. Amma bu “qönçə” açılmasını tamamlayacaq “şimal küləyini” gözləyirdi və açılan zaman etdiyi təsiri də yaxşı bilirdi. O bilirdi ki, düşündüyü yeniliyi göstərdikdə, qiyamət şeypuru çalınacaqdır, çünki “köhnədən, yenidən nə varsa” hamısı bu “cadusözlü” adamda mövcuddur. O, əmin idi ki, onun “sənəti cadunu kölgədə qoymuş və sehr ilə əfsunu mələkləri belə çaşdırmışdır”. Nizami müzəffəranə bir əda ilə öyünərək bildirir ki, “şer mənim sayəmdə tüfeylilikdən çıxaraq, müstəqil təkyə sahibi oldu, zahid və rahiblər öz xirqə və zünnarlarını atıb mənə qoşuldular”. “Məxzən-ül əsrar”ı Anadoluya (Ərzincana) göndərənə qədər Nizami “şəhrbənd” (məhbus) olduğu Gəncə ilə Arran mühitində qəsidə və qəzəl kimi xırda şer parçaları ilə tanınmış, məhəlli miqyaslı bir şair idi. Lakin “Sirlər xəzinəsi” geniş yayıldıqdan sonra, “Xosrov və Şirin”i yazarkən onun içərisindən bir ruh ona müraciət edir: “Gəncə hara, sən hara?”. Həmin ruh onu “geniş dünya sahəsinə atılmağa” təşviq edir və “sənin dövründə sənin kimi bakirə söz söyləyən heç kimsə yoxdur” – deyə şairi “Humay quşu kimi üfüqlərə kölgə salmağa” çağırır. “Çünki sən, – ruh davam edir, – Şərq və Qərbə günəş kimi bəlli bir ruhsan”. Yaşadığı dar mühitdən o zamankı İslam Şərq mədəniyyətinin yayıldığı geniş dünyaya çıxan şair qazandığı müvəffəqiyyətin ona verdiyi haqlı bir cəsarətilə öz əhəmiyyətini daha dərindən duymağa başlayır. “Barmağım toxunarsa, heç kimdə yazıçılıq cəsarəti qalmaz” – deyən Nizami öz böyüklüyünə və bütün şairlərdən, hətta Firdovsidən də üstün bir şair olduğuna işarə edir. “Söz kimyasına hakim iki ustad köhnə dəyərləri təzələdilər; biri misdən gümüş, o biri isə gümüşdən kamil qızıl yaratdı. Misin gümüş olduğunu gördünsə, gümüşün qızıl olmasına təəccüb etmə!” “Xosrov və Şirin”i yaratmaqla qazandığı böyük şöhrəti, Şirvanşahın sifarişilə “Leyli və Məcnun” mövzusunu işləyib başa çatdırdığını görən şair “söz meydanının özünə qaldığını” hiss edir və dünyaya meydan oxumağa başlayır: Meydan-e soxən mərast emruz Beh z-in soxən kerast emruz Mənası: Söz meydanı bu gün mənimdir Mənimkindən yüksək şer kimindir?! Eşq əfsanəsilə ehtiraslı dastan növünün yaradıcısı olan şair öz yaradıcılığının orijinallığını yaxşı bilirdi. Heç kimə möhtac olmadan və “ehtişamını öz xəzinəsindən təmin edən” şair vəziyyətindən razıdır. “Təbinin bülbülü ancaq öz şerinin açdığı gül üzərində” ötmüşdür. Özündən daha yaxşı bir gül ağacı tapa bilməyən şair “güllərini yalnız öz gül ağaclarından” dərmişdir. Heç kəsdən o, bir şey borc almamış, könlü nəyi istəmişsə, ancaq onu söyləmişdir. “Zəmiri (yəni təbi) müqəddəs Məryəm ana kimi bakirə olmağına baxmayaraq, hamilə olmuşdur”. Aşiq də, məşuq da o özüdür. Söz yaratmaq sehrində kamil olduğu üçün Nizami öyünür ki, ona “Qeybin güzgüsü” deyirlər. Onun “dil fəsahəti İsa peyğəmbərin möcüzəsinin sehrinə malikdir: “Şerin suyu onun arxından axmış və şöhrəti də onun dövründə ucalmışdır”. “Xəmsə”yə daxil olmayan parçalarının birində Nizami özü haqqında yazdığı “fəxriyyə”də özünü “Fəzilətin şahlar şahı” və “sözün xaliqi (yaradanı)” elan edərək deyir: “Soxən əz mən afəride ço fotovvət əz morəvvət Honər əz mən aşekara ço təravət əz cəvani”. Çox sevdiyi oğlu Məhəmmədə verdiyi məsləhətlərdən birində Nizami ona təbabət ilə fiqh (hüquq) elmlərini öyrənməsini tövsiyyə edir. O, oğlunu şairliyə təşviq etmir və ona deyir: “bilirəm, şer yazmaq iqtidarın var, şer yaza bilirsən, amma ən yaxşısı budur: Sən şerdən gözləmə şöhrət və nam Çünki Nizamidə o olmuş tamam. Məhəmməd Həzrətləri peyğəmbərlərin sonuncusu olduğu kimi, Nizami həzrətləri də şairlərin sonuncusudurmu? Islam dini qiyamət gününə qədər qalacağı kimi, şer də qiyamətə qədər Nizami üslubunu aşa biləcəkmi?! Deyəsən, belə də olacaqdır! Son əsəri olan “İskəndərnamə”də Nizami eynilə aşağıdakıları yazmışdır: Bemən çon kereft esteqamət soxən Qiyamət konəd ta qiyamət bemən. * * * * * * Nizaminin dünya ədəbiyyatındakı mövqeyi Söz meydanı indi bu gün mənimdir, Mənimkindən yüksək şer kimindir?! N i z a m i İslamiyyətdən sonra yenidən yaranan İran ədəbiyyatının X əsrdə ən böyük siması, məlum olduğu kimi, “Şahnamə” məsnəvisinin müəllifi, dünyada məşhur olan Əbülqasim Firdovsidir. Nizami Firdovsidən sonra məsnəvi yazan ən böyük sənətkar sayılır və epik janra gətirdiyi lirik səciyyə ilə özünə xas bir əfsanə üslubu yaradaraq, Firdovsini də keçmişdir. Yaratdığı ədəbi surətlərlə farsdilli ədəbiyyata gətirdiyi yeniliklər haqqında ustadın şer və sənətindəki orijinallığından bəhs edərkən təfsilatla danışacağımız təbiidir. Burada isə, hələlik belə bir qeyd etməliyik: şairin romantik don geyinmiş mistik ruhu misilsiz sənətinin sehrilə az müddətdə yalnız İran ədəbiyyatının şamil olduğu sahəyə yayılmaqla qalmamış və eyni zamanda, onun yaratmış olduğu sənət növü bütün Şərqdə fars və türk ədəbiyyatının ən məşhur nümayəndələri tərəfindən təqlid olunmuş, həm “Xəmsə”sinə, həm də “Xəmsə”ni təşkil edən beş kitabından hər birinə ayrı-ayrı, mübaliğəsiz, yüzlərcə nəzirələr və bənzətmələr yazılmışdır. Yalnız nəzirələr deyil, Nizami əsərlərinə yazılan yozumların (yəni şərh və təfsirlərin) sayı da həddindən artıqdır. Klassik Şərq kitablarından ən ustad xəttatlar tərəfindən az çox üzü köçürüləni, ən mahir miniatürçülər tərəfindən ən çox rəsmlər və qızıl suyu ilə çəkilən ornamentlərlə bəzədiləni Nizaminin “Xəmsə”sidir. Nizaminin özündən sonra yaranmış ümumşərq ədəbiyyatına göstərdiyi təsiri təsəvvür etmək üçün onun əsərlərinə yazılmış bənzətmə və nəzirələrin say və qiymətlərini göz önünə gətirmək lazımdır. Ona nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Səlman Savəci, Katibi, Cami, Hatifi və sufilərin böyük ustadlarından Fəriəddin Əttar kimi farsca yazmış böyük şair və mistiklər də vardır. Klassik farsdilli ədəbiyyatdan sonra vücuda gələn klassik türk ədəbiyyatına da Nizami böyük təsir göstərmişdir. Cığatay şerinin və türk xalqlarının yaratdığı müştərək ədəbiyyatın böyük ustadı Əmir Əlişir Nəvai də daxil olmaq üzrə, bir çox türk şairi Nizamini ya tərcümə etmiş və ya ona bənzətmə yazmışlar. Bunların arasında orijinallığı və bəlkə də üstünlüyü bir sıra tədqiqatçılar tərəfindən qəbul edilən öz “Leyli və Məcnun”u ilə məşhur azəri-türk şerinin və bütün türk ədəbiyyatının böyük nümayəndəsi Füzuli də vardır. Nizaminin qonşu Gürcüstanın ədəbiyyatına göstərdiyi təsir XII əsrin sonlarında yaşamış “Pələng dərisi geymiş pəhləvan” müəllifi məşhur Şota Rustavelinin yaradıcılığını tədqiq edənlər tərəfindən təsdiq edilməkdədir. “Rustaveli dövrünün abidələri”ni tədqiq edib incələyən akad. İ.Orbelinin qənaətincə, “Rustavelini anlamaq, həm də layiqincə anlamaq, XII və XIII əsrlərdəki Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dərinliyilə anlamayan bir adam, deməli, Şərqi də anlamayır”. Gürcü professorlarından rustavelişünas Pavel İnkorokva öz məqaləsində vaxtilə Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarının gürcü dilinə tərcümə edildiyini tədqiq və isbat edir. Professorun fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün “Şərq mədəniyyəti, gürcü mədəniyyəti qədər yaxın və doğma idi”. Həmin müəllif qeyd edir ki, Şotanın əsərində “Leyli və Məcnun”un buraxdığı izlər vardır: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin varisidir”. “Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutscubidzenin qeydinə görə, XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq Renessansının yolu ilə getmişdir. Farsca yazdığına görə millətlərarası sahədə İran ədəbiyyatına və beləliklə, İrana mənsub edilən Nizamiyə Avropada da əhəmiyyət verilmişdir. Şərq və bilavasitə İran ədəbiyyatı tarixi ilə məşğul olanlar ona çoxlu tədqiqatlar həsr etmiş və hətta haqqında kitablar da yazmışlar. Şairin əsərləri qismən də olsa, Avropa dillərinə tərcümə olunmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq, İngiltərə, Almaniya, Fransa, İtaliya və Rusiyada Nizami haqqında çap olunmuş əsərlərin sayı onlarcadır. Nizaminin əsərlərinə yazılan bənzətmələrlə bu əsərlərə aid nəşr olunmuş tədqiqatlar haqqında – kitabımızın sonunda biblioqrafik məlumat veriləcək. Şairin dünya ədəbiyyatındakı mövqeyi haqqında oxucularımızda tam bir təsəvvür yaratmaq üçün ədəbiyyatçı və tənqidçilərin – həm Şərqin, həm də Qərbin – Nizami haqqındakı rəy və təqdirlərini aşağıda iki bölümdə ayrı-ayrı xülasələşdiririk. - Şərq ədibləri Nizamini (əsərlərinə yazılmış hədsiz-hesabsız bənzətmə və nəzirələrdən göründüyü kimi), şairlikdə klassik İran ədəbiyyatının mürşidi kimi tanımış və “məsnəviçilərin imamı və Şərq əfsanə yazanlarının şeyxi” saymışlar. Bu baxımdan onların nəzərində Nizami, nəhəngliyi ölçülə bilməyən bir yaradıcıdır; klassik istilahla desək, o, ixtiraçıdır. Bunun ən böyük şahidi kimi Nizamidən sonra yazıb-yaradan şairlərin heç birinə onun işlədiyi mövzu, istifadə etdiyi vəzn və formadan xaric bir dastan yazmanın nəsib olmadığı irəli sürülür. Nizamidən əvvəl “Xosrov və Şirin”, “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının mövzuları qədim kitablarda, qismən ərəb dilində nəzm halında, qismən də farsca, pəhləvicə və ərəbcə nəsr şəklində mövcud idi. Nizami, ilk dəfə olaraq, onları özünəməxsus sənətlə nəzmə çəkmiş və rəngarəng şerlərlə canlandırmışdır. Nizami yalnız təbinin sehrli təsirilə deyil, öz dövrünün bütün biliklərinə sahib geniş qavrayışı ilə də qələm yoldaşları arasında görkəmli yer tutmuşdur. Təkcə Xaqani Şirvani, Ənvəri, Kəmaləddin və Cəmaləddin İsfahani kimi yüksək səviyyəli müasirlərinin deyil, həm də özündən sonrakı əsrlərdə yaşayıb-yaratmış, ədəbiyyat üfüqlərində məşhur olan bütün şer ulduzlarının üzərində parlayan bir nur kimi, daha doğrusu, parlaq bir günəş kimi əsrlər boyu gələn nəsillərə öz feyzinin hərarətini vermişdir. Nizaminin ölümündən təqribən əlli il sonra “Əl-Mücəm” adlı əsərində Şəms-i Qeys adlı bir yazıçı ədəbiyyata aid xatirələrində yazır ki, həm nəzmi, həm də nəsri yaxşı bilən bir ədib dostu ədiblərə məxsus məhrəm bir məclisdə Nizaminin “Xosrov və Şirin”indən seçilmiş parçaları xoş bir səslə oxuyurdu, məclisdə oturmuş bir neçə “zərif”lər onun oxuduqlarını ahəngə uyduraraq asta-asta dəfdə çalırlar. Bu hekayə bizə artıq o zamanlarda Nizami sənətinin şöhrəti və sevildiyi haqda maraqlı məlumat verir. Hicri VII (miladi XIII) əsrin başlanğıcında yazılmış “Lübab-ül-əlbab” əsərində onun müəllifi, öz dövrünün məşhur bioqrafı, ədəbiyyat həvəskarı və söz mütəxəssisi Məhəmməd Oufi Nizami haqqında yazır: “Gəncəli Nizami məharətli ifadələri və mənimsədiyi biliyin sərvəti vasitəsilə incəliklər xəzinəsini dünyadakıların başına səpmişdir”. “Məxzən-ül-əsrar”ında gizlənmiş eşidilməmiş sözlər meydana çıxarılarsa, aşiqlərin ürəkləri ovlanar; “Leyli və Məcnun” mənzuməsinin Türküstanındakı gözəllər üzlərindəki yaşmağı atsalar, zəmanənin bütün ağıllı adamlarının ağlını alarlar; şirindillikdə bilik taxtının xosrovu olduğundan o, “Xosrov və Şirin” dastanını Ünsürinin kefini pozacaq bir şəkildə nəzm etmiş və bəlağət mülkünün sultanı olduğu üçün İskəndərin sərgüzəştini bir güzgü aydınlığı ilə oxucuların gözləri önündə tutmuşdur. Biliciliyin və müdrikliyin xütbəsini İskəndərin naminə, sikkəsini də onun adına zərb etmişdi”. Hicri VIII (XIV) əsrdə Zəkəriyyə Qəzvini və Əbd-ür-Rəşid Bakuvi öz əsərlərində Nizamidən bəhs etmişlər. İslam dünyasının tanınmış bu iki coğrafiyaçı və bioqrafları hələ o zaman şairin əhəmiyyətini qeyd edərək, onun “ürfan və hikmət sahibi nadir bir sənətkar” olduğunu bildirmişlər. Hicrətin IX (miladi XV) əsrinin müəlliflərindən Dövlətşah Səmərqəndi öz məşhur “Təzkirət-üş-şüərası”nda Nizamidən bəhs edərkən: “Şeyxin dəyər-qiymətini və əzəmətini ifadə etmək üçün söz də, yazı da acizdir,” – deyərək əlavə edir: “Onun sözlərində və şairlik sənətində elə bir gözəllik vardır ki, mərifət sahibi olan bütün zəkalı adamlar onu axtarmaqdadır”. Nizaminin “Xəmsə”sinə ilk nəzirəni yazan Əmir Xosrov Dəhləvi öz “Məcnun və Leyli” poemasının müqəddiməsində “Sənin söylədiklərinin hamısı Nizamidəndir” – deyənlərə cavab olaraq yazdığı sətirlərdə, Nizaminin yaradıcılığındakı üstünlük və birinciliyini bildirərək deyir: An gəncfeşan-e gəncpərvərd, Budəst bedin məta dər xvərd. Bari nə bədəl, məgər həmin bar, Kari nə degər, məgər həmin kar. (Xəzinəni bəsləyən də, saçan da odur, bu iş onun boyuna biçilmişdir, əvəzini deyil, eynini veririk; başqa iş deyil, eyni işi görürəm). Iran klassiklərindən ən məşhuru Sədi Şirazi tanınmış “Bustan” əsərində Nizamidən çox ilhamlanaraq, ondan misallar, beyt və misralar iqtibas etmişdir: Xerədməndan-e pişin rast qoftənd, Məra xod kaşki madər nəzadi. Bu beytdəki “xerədməndan” (“müdriklər”) sözündən məqsəd Nizamidir, çünki ikinci misra ondan alınmışdır. Klassik İran şerinin ən parlaq örnəyi sayılan qəzəllərilə məşhur olan Hafiz Şirazi öz “Müğənninamə”sində Nizamidən bu şəkildə bəhs etmişdir: Ze nəzm-e Nizami ke çərx-e kohən, Nədarəd coz u hiç ziba soxən! yəni: “əski dünya Nizaminin nəzmi kimi gözəl bir sözə malik deyildir”. Nizamiyə nəzirə yazan farslar arasında ən müvəffəqiyyətlisi Məktəbi Şirazidir. O, Nizaminin tərifində bu beytləri yazmışdır: An xoş soxəni ke vəqt-e təhvil, Peyğəmbər-i əqlrast cəbril. Çunu ney-e xameo por nəva kərd, Noh daire-ra por əz nəva kərd. Mən k-an honər-e homay didəm Çun saye bebal-e u pəridəm. (”O gözəl sözlü adam məram anladarkən, ağıl peyğəmbərinə Cəbraildir: qələmin neyini nəva ilə dolduran kimi doqquz təbəqəli göyləri öz avazı ilə doldurdu; mən onun Hümaya xas olan hünərini (sənətini) görcək, bir kölgə kimi uçub onun qanadına qondım”). Hafizdən sonra İran klassiklərinin son ən böyük nümayəndəsi olan ustad Əbdürrəhman Cami də Nizamini öymüşdür. O, öz “Bəharistan” kitabında yazdığı “Nizami” maddəsində yazır: “Məlum olan fəzilət və kamalının şərh və izaha ehtiyacı yoxdur. “Pənc-gənc” adlı əsərinə o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç kimə nəsib olmayıb. Belə bir əsər, bəlkə də bəşər qüdrətinin yetişdirə bilməyəcəyi bir xariqədir”. Cami öz “Həft ourəngi”ndən “Leyli və Məcnun” poemasına yazdığı müqəddimədə əsərin mövzusunun birinci dəfə Nizami Gəncəvi və Xosrov Dəhləvi tərəfindən işləndiyinə işarət edərək, bu iki ustadın sənətdəki məharət və qüdrətlərini qüvvətli misralarla təsvir etdikdən və onların yürüşlərini iki qoşa köhlənin yürüşünə bənzətdikdən sonra deyir: Mən niz be faqe naqə randəm, Xorda be ğobareşan rəsandəm. Gər mandəəm əz şomareşan pəs, Bər çehre-ye mən ğobareşan pəs. (“Mən də bu zəifliyimlə arxalarınca dəvəmi sürdüm və özümü onların tozlarına çatdırdım; onların özlərinə çata bilmədimsə də, üzümə qonan tozları mənə bəsdir”). Fəxriyyələrinin birində Cami təbinin necə mövzu olursa-olsun qafiyələməyə qadir olduğunu, Gəncəvinin “Yeddi gözəl”indəki mənaları örnək tutub və onlardan ilham alması ilə izah edir: Be bustane soxən morğe təb-e mən əksər, Be həft beyd şəvəd nəğməsaz-o-qafiyəsənc. Ço Həft-Peykər-e gəncur-e Gənce, hər qəzəli, Nomuneist ze məna, nəhan dər-u səd gənc. “Atəşkədə” təzkirəsinin sahibi Lütf-Əli bəyin (XVIII əsr) qənaətincə, Nizami sözün “ərkan-e ərbəə”sindən, yəni dörd dirəyindən biridir”. Səfəvi dövrünün “Xəmsə” yazanlarından Ruh-ül-Əmin Nizamini təriflədiyi bir parçasında “Gəncəvinin məsnəviçilikdə yeganə ustad” olmadığından canlı bir surətdə bəhs etdikdən sonra sözlərini bu beytlərlə bitirir: Dər xane nehofte meşk-e tatar, Şagerd-e gəmineiiş Əttar. Mehr əz nəfəsəş ço tab girəd, Ferdousi əz-u hesab girəd. Dər piş-e soxənvəriiş bican Xaqani-ye can-e molk-e Şirvan. Şoəra-ye Məlik beust dəmsaz Xosrov ze ğolamiyəş sərəfraz. (O, /Nizami/ öz evində tatar müşkü gizlədib, odur ki, Əttar onun ən kiçik şagirdidir, eşq onun üfürməsilə alışır, Firdovsi onun hüzurunda hesab verir. Onun şairliyi qarşısında Şirvan ölkəsinin canı olan Xaqani cansız qalır. Padşahın şairləri onunla canlanırlar. Xosrov onun /Nizaminin/ qulu olduğu üçün başı ucaldı). Hilali Cığatai Nizami haqqında bu beytləri yazmışdır: An gənc-e qohər ze kan-e Gənce, Şəmşirzəban-o şirpənce. Yəni şəh-e molk-e niknami, Şahənşəh-e arefan Nizami. Qoft an soxəni ke qoftəni bud, Soft an qohəri ke softəni bud. Hər quş ze nəzm-e ust por dor, Hər pənce ze Pənc-gənc-e u por. Gənc-e do cəhan nesar-e u bad, Gəncur-e do koun yar-e u bad! (O, Gəncə mədənindən çıxan bir gövhər xəzinəsidir; qılınc dilli, şirpəncəli bir adamdır. Yaxşılıq mülkünün sultanı, ariflərin şahənşahı Nizamidir. Söylənəcək sözü söyləmiş, deşiləcək inciləri deşmişdir. Hər qulaq onun nəzminin dürlərilə, hər ovuc isə onun “Beş xəzinə”sinin gövhərlərilə dolmuşdur. Hər iki dünyanın xəzinələri ona nisar, hər iki dünyanın xəzinədarı ona yar olsun!) “Məcmə-ül-füsəha” təzkirəsinin müəllifi Rza-Quluxan Hidayətin fikrincə, “özünəməxsus bir üsulda (“fəndə”), yəni eşq məsnəvisi yazmaqda, ikinci bir Nizami yoxdur; bu həqiqəti hamı qəbul etmişdir; bu xüsusda onunla rəqabətə qalxmaq kafirlikdən başqa bir şey deyildir”. Hicri 1313 ilə 1318-ci illər arasında Nizami külliyyatının tənqidi mətnini böyük sevgi və diqqətlə hazırlayıb çap edən Tehranda çıxan “Ərməğan” jurnalının müdiri, Vəhid Dəstgirdi, bu külliyyatın VII cildini təşkil edən “Gəncine-ye Nezami”yə yazdığı incələməsində Nizamini İran klassik ədəbiyyatının ən böyük şəxsiyyətlərilə müqayisə edərək, belə bir nəticəyə gəlir: ümumiyyətlə, əxlaq, təmizlik və möminlikdə həkim Nizami bütün dünya şairləri arasında misilsizdir. Nizaminin bütün əsərlərində bir dənə də olsa qaba sözə, ya çirkin ifadəyə rast gəlmirik. Eşqin paklığının və ülviliyinin təsvirində o, Firdovsidən üstündür, çünki Nizamidə erkəklərin sevişmələrindən və gənc oğlanların işvəkarlıqlarından bəhs edən tək bir misra yox ikən, Firdovsidə vardır. V.Dəstgirdi Nizamini İran şerinin bütün ustadlarından yalnız Firdovsi və Sədi ilə qarşılaşdırır, çünki hər üç şair əruzun eyni bəhrində (mütəqariblə) məsnəvilər yazmışlar. Nizami əsərlərində yalnız Firdovsidən söz açmış və dəfələrlə onu yad etmişdir, çünki işlədiyi mövzular ilk dəfə Firdovsi tərəfindən toxunulmuş mövzulardır. Bütün təvazökarlığına baxmayaraq, Nizaminin, bunu açıq büruzə verməsə də, əsərlərində özünü Firdovsidən üstün olduğuna işarə edən kinayələr vardır. Bunu V.Dəstgirdi də qeyd etmişdir. O, bu barədə olan kinayələrin birində Firdovsinin yaratdığı Şirin surətini gümüş, özününkünü qızıl, başqalarını isə mislə müqayisə edir. V.Dəstgirdi bu iddianın tamamilə həqiqətə uyğun olduğunu təsdiq edir. O yazır: “Nizaminin əsərlərini yüz dəfələrlə oxudum və hər dəfə oxuyarkən Daranın, Xosrov Pərvizin və Leylinin ölümlərini təsvir edən fəsilləri ağlamadan oxuya bilmədim”. Şerindəki bu əzəmət və təsiri şair özü də bilirdi. Bu haqda o deyir: Kəsira ke dər gerye arəm ço ab, Bexəndanəməş baz çon afetab! (Yağış kimi ağlatdığım bir kəsi, yenə də sonra günəş kimi güldürürəm). Sədi ilə qarşılaşdırılmağa gəlincə də, V.Dəstgirdi məsnəvidə Nizamini Sədidən üstün tutur. O yazır: “Sədi öz “Bustan”ında Nizaminin “Şərəfnamə” və “İqbalnamə”sindən son dərəcə faydalanmışdır. “Bustan”dakı mövzuların çoxu Nizaminin “İskəndənamə”sinin hər iki hissəsində mövcuddur. Bu bir-birinə bənzər mövzuların müqayisəsindən və incələnməsindən sonra sağlam zövqlü hər tənqidçi Nizamidəki ifadə qüdrətinin, tərkib sağlamlığının, sözlərdə bağlanma ahənginin və mənalardakı yaradıcılıq qüvvətinin Sədiyə nisbətən qat-qat yüksək olduğuna hökm verər”. V.Dəstgirdi Sədinin Nizamidən faydalanıb iqtibas etdiyi beytlərdən bir çox misal gətirmişdir. Nizamilə farsca yazmış başqa böyük türk şairi Cəlaləddin Rumi arasındakı mənəvi münasibətlərə də toxunan V.Dəstgirdi yazır: “Ürfan və şer mülkünün ən böyük sultanı Mövlana Cəlaləddin Rumi həkim Nizaminin şerlərindən bir çox iqtibaslar etmişdir. Mövlana Ruminin məsnəvi və qəzəllərini incələyən fəzilətli alim Ağa Hadi Xairi yazır: “Mövlana Rumi Nizaminin “Divan”ını həmişə öz gözü önündə saxlardı və ondan mənaca böyük ölçüdə iqtibaslar edərdi. Halbuki, o, həkim Sənai Qəznəviyə böyük rəğbət bəsləməyinə baxmayaraq, ondan iqtibaslar etməmişdir. Bu iqtibaslar, şübhəsiz, Nizami şerinin bir fenomen olduğunu isbat edir, belə olmasaydı, Mövlana kimi bir ustadı özünə necə cəlb edə bilərdi?!” Mövlana, Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir. Cəvab anke Nezami be nəzm miquyəd “Cəfa məkon ke cəfa şive-ye vəfa-ye to nist”. (cavab odur ki, Nizami nəzm ilə demişdir: “Cəfa etmə, çünki cəfa sənin vəfadarlığına yaraşmır”). XIV əsrdə yaşamış Qızıl Orda şairi, Qütb xana təqdim etdiyi və “Xosrov və Şirin”ini “Nizami balından bişirilmiş bir sevda halvasına” bənzədir: “Nizami nəzmi yanlıq tüz sözünqi Anın bilgut Xanınqa bu özünqi. Qazan tək qaynab uş sevda bişurdum, Nizami balıdın həlva bişurdum”. XV əsrdə yaşamış Xarəzm şairi Heydər isə, öz “Məxzən-ül-əsrar”ını Nizami ruhundan aldığı can və fərmanla yazdığını söyləyir: “Mən ki bişurdum bu ləziz aşnı Şeyx Nizami dəlşdən can tapıb, Şeyx Nizamidən alıb qaşnı: Mənasıdan yarlıqü bürhan tapıb”. Türküstanın böyük şairi Mir Əlişir Nəvai türk dilinin farsca ilə ölçüləcək dərəcədə yüksək bir ədəbiyyat dili olduğunu isbat etmək üçün yazdığı məsnəvilərinə: “Xeyle fəsahət başının əfsəri Gənc-e yəqin əfsərinin gövhəri” deyə heyranı olduğu Nizaminin əsərlərini özü üçün nümunə götürmüşdür. Nizamiyə qarşı bəslədiyi bu dərin təqdir və heyranlıq hissini Nəvainin bütün əsərlərində görürük. Məsələn, “Məxzən-ül-əsrar”a bənzətdiyi “Heytər-ül-əbrar”dan bir parça: Gəncə vətən, könqlü onun gəncxiz, Xatiri gəncur, tili gəncriz. Fikrəti-mizanı bulub Xəmsəsənc “Xəmsə” demə, bəlkə degil, “Pənc-gənc”. Kəffeyi-mizan ana əflak olub, Batmani-taşı küreyi-xak olub. Dartsa yüz qəri xirəd xazini, Çəkməqay anin qöbidin azini. Xanio-lətayifgə sözü münqəsim, Dürri-məanigə dili müntəzim. Nazim olub söz düri sirabıqa, Çərx “Nizami” yazıb əlqabıqa. Qəddəse sirrəhi-məanidir ol, Ruhi-qüdüs feyzi nişanidir ol! “Leyli və Məcnun”dan: Bu tilbilə kimsə tapmadı kam Cüzi gəncfişan-i Gəncəram. Məna dirəmigə sikkəpərdaz, Üzlət hərəmidə məhrəmi-raz. Gəncineyi-fikri göhərayin Ondan bəri haq olub göhərçin. Vəhdət göhərin əlinə alqan, Üzlət kəmərin beligə çalqan. Məna hərəmin müsəxxir etgən Söz bikrini qərq-i zivər etgən. Həm Turi-fəzilət üzrə Musa, Həm Qafi-qənaət üzrə Ənqa. Musa imas irdi kilki-naqu, Cəvfi ara müzmər etdi cadu. Ənqa gər imas nədən həmişə Söz qafidə üzlət etdi pişə? Nəzm əhlinin əfsəhülkəlami, Söz dürigə müntəzim Nizami. “Fərhad və Şirin”dən: Əgərçi Gəncədə aramı anın Vəli Gəncə üzrə daim dami anın. Tutub gövhərləri yeksər cahanı, Ne çük kim xeyli i-əxtər asimanı. Nə ol zinət ki asılqay qulaqdan, Və gər açılsa ayrılqay qulaqdan. Düri kim çun qulaqnı qıldı məskən, Girib qılğay köngül dərcini məxzən. Köngül dərcin demay qılğay ləbaləb, Kim ol dəryağa salğay dürnü ta ləb. Kim ol gövhərdən alsa xalq hər dəm, Qüz ildə bulmağay mindən biri kəm. Imas asan bu meydan içrə durmaq, Nizami pəncəsinə pəncə urmaq. “Yeddi gözəl”ə nəzirə yazılmış “Səb’ə-yi səyyar”dən: Nüktəsi diqqət içrə rişteyi-can, Piştəgə çaşni sərişteyi-can. Nəzmi-övrağı pərdeyi-candan, Həm siyahısı abi-heyvandan. Elğə can bergili dəvatı anın, Gəlibən çeşmeyi-həyatı anın. Kilki Xızrı atəş qılıb bitab, Hər kəs ol çeşmədən bulub sirab. Əhli-nəzm əfsəhülkəlamı ol, “Xəmsə”nin nazimi Nizami ol. “Xəmsə” yox, pənc-gənci-Qaruni Pasban ilğə gənci-mədfuni. Leyk hər kim bulub cəvahirsənc, Tapıb ol gənclərdə yüz min gənc. Hər səmin dürrü məmləkətğə xərac Anqa layiq ki, bulğay üstaidə tac. Söz yolun öylə qət edib çalak, Kim ipəkdə yürürsə, gövhər-i-pak. “İskəndərnamə”yə nəzirə yazılmış “Sədd-i İskəndər”dən bir neçə beyt: Tutub gənci bu çərx-i noh taqnı Neçuk kim günəş nuri afaqnı: Bu yanlığ ki, gənci-məani töküb, Cəhan əhliğə cavidani töküb. Bu beş gəncdən kim cahandır məla, Ki kök cövfidə dəxi yoktur xəla. Bu gərdun ara təb’i xurşid olub, Anın nuri aləmdə cavid olub. Şibahi-qələm çünki eylab təraş, Tapıb səhfeyi-mehrə andan xəraş. Nəvai özünü Nizaminin şagirdi saymaqla və ustadından mənəvi kamillik diplomu alması ilə öyünür və fəxr edir. Bir əlindən Xosrov Dəhləvi, bir əlindən Əbdürrəhman Cami tutaraq, Nəvaini xəyal aləmində Nizaminin hüzuruna gətirirlər. Görüş əsnasında Nizaminin ruhu Nəvaiyə belə müraciət edir: “Ki qıldın söz içrə tətəbbü manqa, Nəy istərdə etdin təzərrü manqa. Ki mən “Xəmsə”də eylab irdim vəid, Ki hər kim ki ayturğa tutsa ümid. Qılay tiğ-i bürran sözüm dasıdın, Uray başın ol tiği-almasdın. Köb il açdı dəvağa söz başını, Bu dəva ara qoydu öz başını. Məgər sən ki, bu yolğa qoyğac qədəm, Vücudnun xəyalını qaldın adəm!” Nəhayət, türk ədəbiyyatında etdiyi ədəbi inqilabın tarixdəki əzəmətini dərk etmiş olan bu dahi adam öz şəxsiyyətinə qiymət verən fəxriyyəsində öz böyüklüyünü Nizamilə ölçərək belə deyir: Fələk görmədi mən kimi nadiri, Nizami kimi nəzm ara qadiri. Klassik türk şerinin böyük dahisi Füzuli də özünü Nizaminin şagirdi saymışdır. “Beşlik” şairini düşündürmüş olan “Leyli və Məcnun” mövzusunun çətinliyi qarşısında “təvəkkülə rücu edən” Füzuli eyni tərəddüdü göstərmiş olan Nizamidən bu surətlə bəhs etmişdir: “Bir iş ki qılır şikayət ustad, Şagirdə olur rücu’ü bidad!” Füzuli həmin əsərində dövründəki “Söz mülkünün nizamsızlığından” bəhs etdiyi “Saqi-namə”sində keçmiş dövrlərdəki böyük şairlərin söz sənətini anlayıb sevən bütün hökmdarların himayəsini gördüklərini həsrətlə yad edir. Burada diqqəti cəlb edən odur ki, ustad Füzuli farsca yazan belə şairlər arasında Nizamini də göstərmişdir. O, belə deyir: “Türkü ərəbü əcəmdə əyyam, Hər şairə vermiş idi bir kam: Şad etmiş idi Əbu-Nəvası Harun xəlifənin atası. Bulmuşdu səfayi-dil Nizami, Çirvan şahına düşüb girami. Olmuşdu Nəvayi-süxəndan Mənzuri-şəhənşəhi-Xorasan”. Osmanlı türk klassiklərindən Nabi də Nizami və Xosrov Dəhləvinin “Xəmsə”lərini nəzərdə tutaraq yazır: “Onların hər biri cilvədə bir təzə məna ifadə edirlər”. Ətai eşq məsələsinin “Yeddi gözəl”dəki şərhini qəbul etməyərək, əsərin müəllifini tənqid etməsi ilə bərabər, Nizamini məsnəvi yazanlardan seçdiyi üç sənətkar sırasına daxil edir: “Bexüsus içlərində üç ustad, Şəsti-pürzurinə verincə quşad Tirvəş qeyri qodu padərgil, Həssi-ecazı eylədi mənzil. Biri Xosrov, biri Nizamidür Biri sərməst-i eşq Camidür”. Mərhum Ziya Paşa isə “Xərabat” adlı tanınmış əsərində İran şairlərini xarakterizə edərkən, Nizami haqqındakı rəyini belə vermişdir: “Təkidi buraxsa gər Nizami, Ecazə yetər idi kəlami. Bihudə deyilmi təb’i iza, Söz yerinə söyləmək müəmma. Vermiş ona şöhrətü səlabət, Təksir-i tənafürü ğərabət. Birdir yenə leyk o piri-fani Yox “Xəmsə”sinə nəziri-sani. Tənzirə onu Əmiri-Xosrov, Etmiş idi gərçi himməti-nov. Təbinə bihudə verdi rəncə Qanda Dehli və qanda Gəncə. Aləmdə durur ikən Nizami, Aqil edəməz bu iltizami”. Bəhsi keçən iki “Xəmsə”nin müqayisəsi nəticəsində Ziya Paşanın verdiyi hökmü qəbul etməklə bərabər, H.Daniş, Dəhləvinin fars dilində yazmış olan şairlərin ən böyüklərindən biri olduğunu da qeyd edir – bu isə Nizaminin söz sənətində tək olduğunu bir daha bildirir. Nizaminin nəzmi: “Xosrova, guş et, Mühibbi şerinə eylə nəzər, Nəzm tərzində - Nizami, mənada – Xacu imiş!” deyən sultan Süleyman Qanuninin (“Mühibbi” – onun təxəllüsüdür) də örnəyidir. Istanbul universitetində uzun illər İran ədəbiyyatından dərs demiş Hüseyn Daniş yazır: “Şərqli və qərbli bütün tənqidçilər bir məsələdə yekdil və həmfikirdilər: “Nizami nəcib, müstəqil və vüqarlı bir dühaya malik olan şairdir”. Sonra o, davam edir: “Nizami yüksək bir dühanı sonsuz dərəcədə təmiz bir vicdanla birləşdirərək, fars ədəbiyyatı aləmində misilsiz və son dərəcədə yüksək bir yer tutmuşdur”. Ustad M.F.Körpülü V.Bartoldun “İslam mədəniyyəti tarixi” adlı kitabına yazdığı qeydlər arasında Nizami barədə demişdir ki, Nizami “İran və türk məsnəviçilərinin ən böyük ustadı, İranın ən böyük şairlərindən biridir və onun şerlərində olduqca təravətli türk sözlərinə də təsadüf edilir”. Bundan bir neçə il əvvəl nəşr etmiş olduğu “Danişməndani Azərbaycan” (“Azərbaycan biliciləri”) adlı təzkirəsində İran Azərbaycanının məşhur alimi Məhəmməd Əlixan Tərbiyət Nizamini “İran şairlərinin ən məşhuru və Azərbaycan fəsihlərinin ən fəsahətlisi” kimi səciyyələndirmişdir. “Xəmsə”nin hicri 1313-cü ildə Şirazda çap edilmiş əlimizdəki nüsxənin başlanğıcında şair haqqında aşağıdakı fikirlərə rast gəlirik: “Fars dilində Nizaminin ifadəsindən daha şirin və səlis bir üslubda heç kim söz söyləməmişdir; belə rəvan söz, olsa-olsa, yalnız Tus bilicisi Firdovsidə tapmaq olar. Lakin Firdovsidə də Nizami sözündən yaxşısını tapmaq mümkün deyil. Halbuki aşiqanə məsnəvilər yazmaq və özünə xas bir sənət olan təmsilçilikdə əvvəlkilərdən heç kim Şeyx həzrətlərinin dərəcəsinə yüksələ bilməmişdir. Tus bilicisi Firdovsinin “Yusif və Züleyxa” poeması bu iddianın şahididir. Bundan başqa, orta əsrlərdə yaşamış və axırıncı əsrlərdə meydana çıxmış sənətkarlar ümumən o dərəcəyə yüksələ bilməmişdir. Sırtıqlıq və yarışıb özünü göstərmək üçün deyil, yalnız həkim Nizaminin izi ilə getmək və onun xırmanından qalan başaqları toplamaq məqsədi ilə Əmir Xosrov Dəhləvi kimi bir qrup şairlər onu təqlid edərək “Xəmsə”lər yazmışlarsa da, əsərlərinin yalnız adlarını ustadınkılara bənzədə bilmişlər”. Vəhşi Bafqi Kirmaninin “Fərhad və Şirin”ində, Məktəbi Şirazinin “Leyli və Məcnun”unda yüksək bir ilham və istedad izlərini təqdir etməklə bərabər, yuxarıdakı Şiraz naşiri öz sözlərini belə bitirir: “ Şübhəsiz olan bircə həqiqət budur: fars ədəbiyyatının yarandığı gündən bəri “Xosrov və Şirin” ilə “Həft peykər” kimi dəyərli bir eşq hekayəsi heç kimsə tərəfindən indiyə qədər yazılmayıb və o cənab (Nizami) öz “İskəndərnamə”si ilə də, Firdovsidən sonra, öz növündə tək qalmışdır”. Nizamiyə nəzirə yazanlardan yuxarıda adı çəkilən Vəhşi Bafqi Kirmani “Xold-e bərin” adlı əsərində Şeyxin “Məxzən-ül-əsrar”ından bəhs edərkən: “bu əsası qoyan yaradıcının (Nizaminin) müqayisəedilməz bir sərmayeyə malik olduğunu” etiraf edərək yazır: “Nizami “Xəzinə”sindəki sirlər sonsuz və tükənməzdir”. Yuxarıda çəkdiyimiz adlardan başqa, digər Şərq tənqidçi və şairlərinin Nizami haqqındakı bitməz-tükənməz təqdirlərini bir-bir qeyd etsək, ustadın sənət və yaradıcılığı qarşısında heyranlıq ifadə edən bir-birinə bənzər cümlələri təkrarlamaqdan başqa bir şey etmərik. Bunu nəzərə alaraq, Nizami haqqında farsca deyilmiş bir parçanı da oxuculara təqdim etməklə kifayətlənirik: Nezami ke dər nəzm oula kəlam, Cəhan-e soxənrast nəzm-o-nezam. Qələm rand bər səfhe-ye ruzgar, Be tərif-e Eskəndər-e namdar. Bedaneş cəhan-e soxənra gereft, Bedansan ke aməd xerədra şegeft. Kohən dastanha ə-zu taze şod, Sekəndər əz-u sahebavaze şod. Peyğəmbər təvan qoft bər an cənab Ke çun “Xəmse”i həst ura ketab. Be ezhar-e ecaz-e u “Xəmse” bəs, Ço u noktesənci nədidəst kəs”. Mənası: Tayı yoxdur şerdə, ustaddır Nizami, Söz mülkünün sultanı, ona verən nizamı. Çaldı qələm, aləmin anlatdı əhvalını, Tanıtdırdı yaxşıca İskəndərin namını. Sözündəki sənətlə tutdu bütün cahanı, Şerdəki sehrinin oldu ağıl heyranı. Nəzmində təzələndi tarixin dastanı, Iskəndəri o etdi dünyanın qəhrəmanı. “Peyğəmbərdir!” – deyilsə, yerindədir; o cənab “Xəmsə” kimi gətirmiş vücuda çün bir kitab Möcüzə istənirsə budur: kitabı “Xəmsə” Onun kimi nüktəçi görmüş deyildir kimsə. Şairin peyğəmbərliyini təsdiq edən bu təqdirlərin yanında dünyanın sonuncu (axərüz-zaman) şairi olduğunu təsdiq edən İranda çap edilmiş “Külliyyat-e Nezami”ni bəzəyən aşağıdakı qitəni də veririk: Nezam-e əqd-e loulou-e soxən-ra, Beayin-e Nezami kəs nəbəste. Hezaran rəhmət-e həq bər rəvanəş Ke əlhəq şer bər vey xətm gəşte. Mənası: Kimsə sözün nəzmini Nizami tək verməmiş; Haqdan ona min rəhmət, Şer onda xətmə yetmiş. II Qərb tənqidçiləri İran ədəbiyyatı tarixində Nizaminin əhəmiyyətini layiqincə dərk və təsdiq edirlər ki, “onun əsərlərində İran epik ədəbiyyatı ilk dəfə olaraq ən yüksək nöqtəyə ucaldı”, çünki “lirik dil ilə əski dastan dili arasındakı uyuşmazlıq Nizaminin şerlərində aradan qalxmış və dastan dili bu dövrdə saray ədəbiyyatında axtarılan “zövqə” uymuşdur. Bundan əlavə, epopeya öz dastanlıq xarakterini itirərək, get-gedə daha artıq ruhi təhlil sahəsinə girmişdir; bunda da Nizami misli görülməmiş bir ustaddır”. Eyni mövzuya, yəni Nizami üslubuna toxunan alman tədqiqatçılarından Georq Yakob Nizamini (baxmayaraq ki, “onun Nöldeke və Şaks kimi “tədqiqatçıları və təfsirçiləri yoxdur”) şairlikdə Firdovsidən yüksək tutmuşdur. Iran ədəbiyyatının heyranı, böyük alman şairi Höte külliyyatının “Das West-Ostlicher Diwan” adını daşıyan cildində İran ədəbiyyatının ustadlarını bir-bir incələyərək, özünə xas qavrayış və bilik qüdrəti ilə səciyyələndirib təqdim edərkən, belə yazmışdır: “Nizami yüksək düha sahibi, incə bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün mövzuların hamısını işləmiş olduğundan, o, (yəni Nizami) sevişən incə ruhların qarşılıqlı duyğularını öz şerinin mövzu və məzmunu etmiş, bir-birini sevən Xosrov ilə Şirini, Leyli ilə Məcnunu oxucularla tanış etmişdir; bunlar əvvəlcədən sezmə, qəza və qədər, təbiət (xarakter), alışqanlıq, istək və ehtiras təhrik və cazibəsi nəticəsində gerçəkdən yaxınlaşmaq (birləşmək) istəyirlər; lakin onlar bir böhran keçirərək inad, təsadüf, qəribə və qeyri-adi hadisələr və məcburiyyət üzündən bir-birindən uzaqlaşırlar; daha sonra taleyin qəribə hökmü nəticəsində onlar birləşirlərsə də, lakin bu və ya başqa surətlə yenidən bir-birindən ayrı düşürlər. Bu mövzu və materialların işlənməsindən ideal bir daxili iğtişaşın yüksək həyəcanı doğulur, lakin heç bir yerdə bunun təmin olunduğunu görmürük. Gözəllik böyük, onun növləri isə sonsuzdur. Şairin doğrudan-doğruya əxlaqi mövzulara toxunan başqa parçaları da eyni şirin və aydın bir deyim tərzi daşıyırlar. Hər hansı bir adama aid ikitərəfli, nə qədər qarışıq vəziyyətdə olursa-olsun, bütün məsələləri şair çıxış yoluna apararaq, həmin əxlaqa uyğun bir şəkildə həll edir. Sakit təbiətinə tam uyğun olaraq, Nizami Səlcuqlar dövründə ana yurdu Gəncədə sakit bir həyat keçirmiş və orada da vəfat etmişdir. Öz ətrafında tapdığı bütün eşq əfsanələri (legendaları) ilə yarı möcüzəli əfsanələri, Nizami coşqun bir şövqlə toplamışdır”. Dr.Vilhelm Baxer 1871-ci ildə çap etdiyi əsərində İran klassiklərinin ən mühümlərini saydıqdan və bunların Avropada qismən tanınmış olduqlarını qeyd etdikdən sonra Nizaminin İran ədəbiyyatının böyük ustadları arasındakı müstəsna mövqeyi və Hötenin onun haqqında “yüksək bir dühaya malik incə bir zəka deməsinə baxmayaraq”, şairin “Almaniyada və bütün Avropada heç tanınmadığını” təəssüflə qeyd edir. Lakin Baxerin şikayət etdiyi bu vəziyyət sonralar dəyişmişdir. Iran ədəbiyyatı tarixinin elmi əsasını qurmaqla tanınan H.Ete 1887-ci ildə nəşr etdiyi əsərində Nizami şerinin “əxlaqi yüksək məzmunundan, mətinlik və cəldiyindən, ifadəsindəki orijinallıqla təbiət təsvirindəki tablolarının əzəmətindən” bəhs edir. H.Ete qədim şərq əfsanəsindən istifadə olunaraq yazılmış Şillerin “Turandot”unun Nizaminin “Həft peykər”indəki rus şahzadəsinə bənzədiyini də qeyd edir. Nizami haqqında son zamanlarda müxtəlif Avropa dillərində bir sıra monoqrafiyalar və tərcümələr çap edilib yazılmışdır. Bunların içərisində P.Horn, 1925-ci ildə Berlində nəşr etdiyi əsərində Nizami şerinin misilsiz dolğunluğunu belə təsvir edir: “Qraf Şaks “Leyli və Məcnun” şairinin misilsiz həssaslığını alman dilində etdiyi nəfis tərcümələrində əks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayələrinə bənzədiyi bilavasitə gözə çarpır; bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayələri, şübhəsiz, Şərqdən gəlmiş və çox güman ki, həmin janr Qərbi Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir”. P.Horn da üslub baxımından Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərq “yerdən göyə qədərdir” – deyə öz fikrini tamamlayır. Alim ayrıca qeyd edir ki, Nizami iranlılar tərəfindən “mənzum roman sahəsində sevilən yeganə ustad”dır. H.Ritter Praqa şərqşünaslıq institutu hesabına nəşr edilib yayılan “Həft peykər” mətninə yazdığı müqəddiməsində Nizami sənətkarlığını (daha əvvəllər çap etdiyi “Bildensprache des Nizamis” əsərində qeyd etdiyi kimi) təhlil edərək yazır: “Nizami yalnız öz dövründəki şer dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda – bu daha qiymətlidir – bu sənəti öz əsərlərinin varlığını təşkil edən fikirlərinə xidmət etdirməyi də bacarmışdır. Sənətkarlıq baxımından “Həft peykər” şairin ən dolğun bir əsəri olduğu halda, burada sənət sənət üçün işlədilməmiş və şairlik məharəti sadəcə olaraq zövq əhli olan şer həvəskarlarının gözlərini qamaşdırmaq üçün sərf edilməmişdir: yalnız əsərin məzmunu bu ecazkar, parlaq formanı zəruri etmişdir. Bu forma o məzmuna uyğun gəldiyi üçün təbii surətdə öz-özündən yaranmışdır. Belə ki, forma pozulmadan yaymaq istədiyi fikri qüvvətləndirmək prinsipini yüksək bir surətdə həyata keçirmişdir”. Ingiliscə Nizami haqqında müxtəlif tədqiqlər və əsərlərindən bir çox tərcümələr vardır. Bunların hamısını burada qeyd etmək cızdığımız plan çərçivəsinə sığmaz; məhz buna görə də yalnız adlı-sanlı müəlliflərdən bir neçəsinin şair haqqındakı rəy və fikirlərini göstərməklə kifayətlənirik. Məşhur şərqşünas professor E.Broun “İran ədəbiyyatı” adlı əsərində Nizami haqqında yazmışdır: “Nizaminin orijinal və istedadlı bir şair, yüksək və nadir bir düha sahibi olduğu Oufi, Qəzvini, Dövlətşah və Lütfəli bəy kimi bioqraflar və Sədi, Hafiz, Cami və İsmət kimi şairlər daxil olmaq üzrə, iranlı olan və olmayan tənqidçilər tərəfindən qəbul edilməkdədir. İran şairləri arasında bu ölçüdə bir dühaya sahib olanlar isə daha azdır, o xarakter və əxlaqda olanlar daha azdır. Səmimi bir mömin və Allah adamı olmaqla bərabər, qeyd etmək lazımdır ki, o, həm qatı təəssübdən və həm də biganəlikdən tamamilə uzaq idi. Özünə hörmət edər və fikirlərində istiqlal göstərməsinə baxmayaraq, davranışında sadə və təvazökar olmuşdur. O, sevən bir ata və ər idi. Şəriətə görə haram da olsa, bir çox İran şairlərinə, xüsusən sufi şairlərə ilham mənbəyi olan şərabdan rəhmətlik (şair) son dərəcə özünü gözləyirdi. Hər növ etirazdan uzaq qətiyyət və bir sözlə demək olar ki, onu böyük düha ilə yüksək əxlaqı özündə birləşdirmiş müstəsna bir şəxsiyyət adlandırmaq mümkündür. Bu baxımdan heç bir İran şairi onunla müqayisə edilə bilməz”. 1924-cü ildə “Yeddi gözəl”i ingilis dilinə tərcümə və təfsir edən iki cildlik mötəbər əsərinə yazdığı ön sözdə London universitetində fars dili və İran ədəbiyyatı professoru olan S.E.Vilson “həyəcan, ehtiras, hüzn və kədərini ifadə etməkdə” Nizamini Şekspir və Petrarka ilə ekiz sayır. Fransızlardan Kollec de Frans professoru Barbye de Meynar Nizamini belə incələmişdir: “Nizamidə biz tarixi romanın yeni bir növünü görürük. Şöhrətli şair bu sahədə atalıq haqqına malikdir. Hicri tarixi ilə VI yüzillikdə epopeya (dastan) özünə lazım qida və şərait tapmadığı üçün ölməyə üz tutur: lakin bu, o dövrün şairlərindəki fantaziya və zəka əksliyini göstərmir. Bunun səbəbi ondan ibarətdir ki, onlar artıq Firdovsi məktəbindən həyəcanlanacaq dərəcədə bəsit deyildilər. Qəhrəmanlıq dastanlarının xatirəsi hələ də mühafizə edilirdi, lakin bu, bəzilərində xəstəlik şəklini almış təqlidçilik, bəzilərində isə qəzəb, kin və düşkünlük təsvirinə yarayan şəraitlə bağlı bir mövzu şəklini alırdı. Nizami ilk dəfə olaraq, bu ənənənin kök atmış formasını dəyişdirmişdir. Saflıqları və boyalarının mühafizəsi barədə həssaslıq göstərmədən ərəb dastanlarının çox maraqlı hekayələrini “İskəndəriyyə məktəbi” romançılığının uydurmaçılığı ilə asanlıqla birləşdirərək, o, bir sintez yaratmışdır. “Xosrov və Şirin” ilə “Həft peykər” poemalarında lirik şəkil üstünlük təşkil edir. Qəhrəmanı İskəndər olan “İskəndərnamə” romanı isə, xüsusən ikinci hissəsində öyrədici (didaktik) mahiyyətdə, xəyali uydurmalarla əxlaqi təlimatı hər addımda təkrarlanan bir əsər olub, lirik mənzumə mahiyyətini itirmişdir. Onun tərcümeyi-halı haqqında deyilmiş mübaliğə dolu nağıllardan vaz keçərək deməliyəm ki, Nizami haqqında məlumatlar bir-birindən fərqli iki şəxsiyyəti göstərir – bir yandan məddahlıq edən, saraylardan diqqət və iltifat gözləyən mükafat düşkünü, o biri tərəfdən isə sufiliyin qəribə görüşlərini daşıyan sırf bir mistik. Bunu da qeyd etmək lazımdır ki, o çağdakı İran cəmiyyətini bürüyən təfəkkür cərəyanını əslində iki yerə bölən və bir-birinə bu qədər müxalif olan iki duyğu arasındakı ittifaqın əhəmiyyəti son zamanlarda ikiqat artmışdır. Eyni xarakteri biz Camidə, Əlişir Nəvaidə və tənəzzül dövrünün adlı-sanlı bütün nümayəndələrində də görürük. Bununla bərabər, Nizami özünü təqlid eyləyənlərin üzərində misilsiz bir yüksəkliyi mühafizə edərək, həm şəkil (forma), həm də vəzn baxımından daha orijinal və kamil bir şəxsiyyətdir. Nə istədiyinin bəlli olmadığı və ifadəsindəki dolaşıqlıq xoşa gəlməsə də, insan onun hekayətçiliyindəki qüdrətə və ifadəsindəki cürbəcür imkanlara gerçəkdən heyran olur”. Turin universitetinin professoru İtalo Pittsi 1894-cü ildə “Fars poeziyasının tarixi” (“Storgia della poessia persiana”) adlı mötəbər bir əsər çap etdirmişdir. Iran ədəbiyyatını mövzular və dövrlər əsasında qruplaşdırıb incələyən müəllif, kitabını bütün şairlərin əsərlərindən tərcümə edilmiş nümunələrlə bəzəmişdir. Həmin kitabda o, fikir, sənət və həyatı üzərində ciddiyyət və təfsilatı ilə dayandığı Nizamidən mötəbər və seçilmiş parçalar vermişdir. O vaxta qədər Avropada İran ədəbiyyatı haqqında yazılmış bütün əsərləri tənqiddən keçirib incələyən Pittsi, İtaliya ədəbiyyatı ilə İran ədəbiyyatı arasında qiymətli qarşılaşdırmalar də aparmışdır. O cümlədən, müəllif Nizami ilə yeni İtalyan klassiklərindən Bokkaçonun əsərləri üzərində durmuşdur. Pittsi Nizaminin “Bəhram-Gür”u ilə Bokkaçonun “Ameto”su arasında dərin bir oxşarlıq görür. “Həft peykər” qəhrəmanı kimi, “Dekameron”un qəhrəmanı da yaxşı bir ovçudur. Bəhramın Ərəbistan səhralarındakı ovçuluğuna müqabil Ametonun da ormanlarda-meşələrdə vəhşi heyvanlar arasında gəzib qaçmağı vardır. Nizamidə olduğu kimi, Bokkaçoda da yeddi sarayda yaşayan yeddi gözəl Ametoya hər gecə eşq-məhəbbət haqqında bir nağıl danışır. Gəncəli şair kimi İtaliya şairi də hekayə söyləyən dilbərlər yaşadıqları qəsrləri yeddi rəngə boyamış və gözəllər həmin qəsrlərin rənginə uyğun paltar geymişlər. Pittsi bu rənglərlə geyimlərin Bokkaçoda təəccüblü dərəcədə Nizamidəki rənglərlə geyimlərin eyni olduğunu inandırıcı şəkildə göstərmişdir. Lakin İtaliya hekayəsində bu yeddi rəngin gizli və rəmzli heç bir mənası yoxdur. Bokkaço həmin hekayələri – onların haradan gəldiklərinin və nə əhəmiyyətə malik olduqlarının fərqinə varmadan – gəlişi gözəl nəql etmişdir. Halbuki Nizami hekayəsində bunun bəlli bir mənası vardır. Yeddi ulduz (səyyarə) əqidəsinə görə, bu yeddi rəngli qəsrlər əski münəccimlik və dini bir sistemə bağlıdır. Yeddi səyyarəni (planeti) təmsil etmək üçün yeddi qübbəli bir saray tikməyi memar Simnarın hökmdar Nemana təklif etdiyini Nizami öz “Yeddi gözəl”ində hekayə edir. Pittsi Bokkaçonun özünəməxsus ədəbi bir məktəb sahibi olduğunu əlavə etməklə bərabər, hər iki əsərin bir-birinə bu qədər bənzəməsinə təəccüblənərək çaşıb qalır. Nizaminin hekayəsində hər şeyin öz yerində olması nəzərə alınarsa, İtaliya hekayəsinin bir təqliddən ibarət olduğuna hökm vermək olar. Amma Pittsi Bokkaçonun doğrudan da “Nizaminin varisi olduğunu” heç söyləmir, yalnız qeyd edir ki, “bununla belə Nizami 1204-cü ildə, yəni Bokkaçodan bir əsr yarım əvvəl ölmüşdür”. Müəllifə görə, Nizaminin əski Pəhləvi qaynağından əxz etdiyi eyni hekayənin hər hansı bir yolla Qərbə keçmiş olan başqa bir variantından Bokkaço da istifadə etmiş ola bilər. Xüsusilə, Bəhram-Gur hekayəsi Qərbə tez yayıla bilərdi, çünki XII əsrdə Siciliyada olan İbn Zəfər öz kitabının dördüncü hissəsində bu hekayəni gətirmişdir. Nizami ilə Bokkaço arasındakı oxşarlıqları başqa Avropa tədqiqatçıları da qeyd etmişlər. Alman şərqşünası Yosef fon Hammer bu məsələyə hələ 1818-ci ildə işarə etmişdir. Hammerə görə yalnız “Həft peykər” ilə “Dekameron” hekayələri arasındakı oxşarlıq deyil, qadınları ideallaşdırma baxımından da Bokkaço Nizamini andırır”. Ukraynalı şərqşünas məşhur A.Krımski “Brokkauz-Evfron” tərəfindən nəşr olunan rus ensiklopediyasına yazdığı “İran ədəbiyyatı” məqaləsində yazır: “XII əsrə şer baxımından çox hallarda romantik epopeya dövrü deyilir, çünki bu dövrdə Firdovsidən sonra İranın ikinci böyük epopeya şairi Nizami Gəncəvi yazmışdır”. Həmin müəllif 1906 və 1912-ci illərdə rusca nəşr etmiş olduğu “İranın, İran ədəbiyyatının və dərviş sufizminin tarixi” adlı kitabında Nizamini belə təqdim etmişdir: “Nizami İranın ən yaxşı romantik, daha doğrusu, sufi və romantik bir şairidir. Özündən sonra gələn İran romantikləri üçün həmişə təqlid və nəzirə qaynağı və örnəyi olmuşdur. O, yalnız İran deyil, türk ədəbiyyatında da son dərəcə sevilən bir söz sənətkarıdır”. XII əsr ədəbiyyatının mahiyyətini təhlil edərkən, müəllif göstərir ki, Böyük Səlcuq imperiyası tənəzzülə uğradıqdan sonra dərəbəylik şəklini alan bu dövrdə ədəbiyyat bir yandan məddahlığa, o biri yandan isə sufilik və dərvişliyə uymağa başladı. Bu dövrün şairləri arasında Nizami müstəsna bir yer tutur. Sufilik və tərki-dünyalığa uymuş olmaqla bərabər, o, romantizm cərəyanını və eşq əfsanələrini yaradır. Aşiq tiplərini sufiyanə fikirlərinin bir rəmzləri kimi təqdim etməklə bərabər, şairin yaratmış olduğu tiplərin hamısı gerçək varlıqlardır. Bu hal məsələdən xəbərsiz olan oxucuları çaşdıra bilər. Belə ki, “Məxzən-ül-əsrar” müəllifinin sonralar durub “Xosrov və Şirin” yazacağını təsəvvür etmək çətindir”. Şairin yaradıcılığını son dərəcə yüksək tutan akademik S.F.Oldenburq Nizaminin tədqiq edilməsini gənc şərqşünaslara tövsiyyə edərkən demişdir ki, onun “ruhşünas” bir şair olduğu “heç vaxt unudulmamalıdır”. “Bir Sasani tacdarı olan Xosrov, təvazökar bir zəhmətkeş Fərhad, bir ərəb gənci – Məcnun, xülasə, kim olursa olsun, şair onu ələ alınca ruhunun bütün incəliklərinə vararaq, yaşadığı sosial şəraitə və yaşına uyğun bir şəkildə onun bütün mahiyyətini aydınca təsvir edir”. 1941-ci ildə Nizaminin yubileyi münasibəti ilə Bakıda Bertels tərəfindən rusca “Böyük Azərbaycan şairi” başlığı altında bir monoqrafiya nəşr edilmişdir. Kitabımızın başqa bir bölümündə təhlil edəcəyimiz bu əsərin, müəllifin müəyyən bəzi meylləri istisna olmaqla, ümumiyyətlə, Nizaminin həqiqi qiymət və böyüklüyünə layiq bir diqqət və sevgi ilə yazıldığnı etiraf etmək lazımdır. Y.Bertlesə görə, Nizami Səlcuq imperiyasının tənəzzülə uğradığı və ölkənin hər yerində ortaya çıxan aristokrat özbaşınalığı və zorakılığı ilə şəhərli zümrələr arasında başlanmış mübarizə şəraitində meydana gəlmişdir. Marksizm və materializm təliminə uyaraq, Bertels Nizamini o zaman üçün inqilabçı bir mərkəz olan şəhərin və şəhərlilərin ideoloqu və fikirlərinin tərcümanı kimi qələmə verir. Məhz buna görə, Nizami ancaq Qafqazda yerləşən Gəncə kimi bir şəhərdə yetişə bilərdi, çünki “Səlcuqlar dövründəki memarlıq kimi müsəlman ənənələri və xristian Qafqazının bədii dəyərlərini birləşdirən bu müstəsna zəka, yalnız o zamankı şəhərin, xüsusən Cənubi Qafqaz şəhərinin şəraitində meydana gələ bilərdi”. Nizaminin ictimai şəxsiyyətini təhlil edən həmin müəllif yazır: “Bir insan və cəmiyyət üzvü kimi Nizami XII əsrin ən yaxşı xüsusiyyətlərinin hamısını özündə cəmləşdirmişdi. Onun təlimatı ciddi və kəskindir. O, insanı pisləməyən, özü də öz tutduğu yoldan dönməz, yaxşı gələcəyə inanan, ölüm qarşısında Sədinin seçdiyi köləlik yoluna girməyə razı olmayan bir əzəmətli şəxsiyyət idi”. Şairin sənətkarlığından bəhs edərkən, Bertels “Xosrov və Şirin”in təhlilinə başlayaraq belə yazır: “...Nizaminin ikinci poeması “Xosrov və Şirin” dünya ədəbiyyatında tayı-bərabəri olmayan, heyrətləndirici dərəcədə kamil bir əsərdir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq, insanın şəxsiyyəti bütün dəyərləri ilə bizə göstərilmişdir. Həm də şairin əl-qolunu bağlayan ənənələrdə yerləşmiş bir mövzunu işləmək surətiylə” (s.72). “Həft peykər”i təhlil edərkən müəllif yazır: “Yazılışlarındakı ustalığa görə, bu hekayələr, romançılığın ağılları heyrətləndirən əsərlərindən olaraq, Hofmanın məşhur təmsillərinə bənzəyirlər, xüsusən bunlardakı inandırıcılıq, eyni üsulla, yəni xəyal ilə həqiqətin qarışması, daha doğrusu, ən xırda incəliklərinə varıncaya qədər, bunların bir-birinə hörülməsi ilə əldə edilir”(s.91). Şairin ədəbi irsinə gəlincə, Bertels, hər şeydən əvvəl, Şərq ilə Qərb mədəni ənənələrinin Nizamidə qarşılaşdığına və bir-birinə qarışdığına işarət edir. Nizamidən əvvəl Yaxın Şərq ədəbiyyatında Qərbin təsir və ya izlərinin olduğu inkar edilə bilməz. Məsələn, Bertels yazır: “X-XI əsr şairi Ünsüridə qədim yunan dastanlarının bir sıra izləri vardır. Lakin heç kim, bu mövzu baxımından, Nizami qədər əlverişli şəraitdə olmamışdır. O, iki mədəniyyətin tam qarşılaşdığı coğrafi bir mövqedə yaşamışdır. Bu kimi əlverişli şərait isə başqalarına heç nəsib olmamışdır. Firdovsidəki cəngavər romanının özünəməxsusluğu Nizamidə yoxdur. Nizami yalnız hadisələri hekayət etməklə qalmamış, eyni zamanda, surətlərin psixoloji vəziyyətlərini daha dərindən incələmişdir və bu surətlə də romantik bir dastan yaratmışdır. Nizamidən əvvəl bu işi XI əsr şairi Fəxrəddin Qorqani öz poeması “Veys və Ramin”də etmək istəmişsə də, bacarmamışdır. Beləliklə, Nizami epik dastanın örnəyini meydana çıxarmışdır. Nizamidən sonra əski ənənələrə bir daha qayıtmaq mümkün olmamışdır. Sonralar “Şahnamə”yə bənzədilərək, “Teymurnamə” və “Şahənşahnamə”lər yazılmışsa da, bunların hamısı epiqonçuluq (təqlidçilik) mahiyyəti kəsb etmişlər”. Bu yoldakı görüşlərinə davam edərək, Bertels yazır: “İnsan ruhunu lazımınca anlamaq nəticəsində edilən incələmə Nizamiyə dünya ədəbiyyatının ölməz əsərləri arasında daimi yer almış klassik qəhrəman surətlərini yaratmaq imkanını vermişdir. Şirin, Fərhad, Leyli, Məcnun, Bəhram və İskəndər öz sifətlərinin tam əksini Nizaminin əsərlərində tapmışdırlar. Türkiyədən tutmuş müsəlman Hindistanına qədər həmin surətlər bu biçimlərilə Yaxın Şərqin ədəbiyyatlarının hamısına keçmiş və bu vəziyyətləri ilə bizim günlərimzə qədər yaşamışlar və gələcəkdə də yaşamaqları təbiidir. Nizamidən sonra gələn yazıçılar bu qəhrəmanların xarakterlərini öz ədəbi prinsiplərinə müvafiq dəyişdirmək istəmişlərsə də, bu xüsusda əhəmiyyətli bir şey etməyi bacarmamışlar” (s.141). Bertelsin qənaətincə, poemaların yazılışında Nizaminin qoyduğu yeni əsas, eşq dastanının müəyyən tiplərini, demək olar ki, qanunlaşdırmasıdır. Nizami üç növ eşq müəyyənləşdirir: a) qəhrəmancasına eşq; b) faciəli və ya fəlakətli eşq; c) kef çəkmək üçün əyləncə və ya oyuncaq olan eşq. Bu üç cür eşq hekayəsinin hər növünü Nizami müəyyən bir vəznlə öz poemalarında təsvir etmişdir. Bunlar, ərəb-fars vəznini, yəni əruzu işlədən bütün xalqlar üçün eyni növlü eşq mənzumələrinin (poemalarının) dəyişməz bir yeganə vəzni olaraq qalmışlar. “Leyli və Məcnun” mövzusu 800 il müddətində bir dəfə də olsa, “Xosrov və Şirin” bəhri ilə yazılmamışdır. Bertelsin dediyi kimi, bu, Nizami üslubunun özündən sonra gələnlər üzərində nə qədər böyük bir təsiri olduğunu göstərir. Nizaminin yaratdığı qəhrəmanlar, sadəcə olaraq, özündən sonrakı ədəbiyyat üzərinə təsir etməklə dayanıb qalmamışlar. “Xəmsə”dəki qəhrəmanlar xalq kütləsi tərəfindən də (Nizamidən gələn təsir nəticəsində) doğrudan-doğruya tanınmışlar; bu kütlənin oxumaq və yazmaq bilmədiklərini göz önünə gətirsək, Bertelsin dediyi kimi, “bu işin ancaq Nizami sənətinin dahiliyi və insana qarşı bəslədiyi sevginin böyüklüyü sayəsində vücuda gələ biləcəyi aşkar olur”. Y.Bertelsin təsnifinə görə, Nizaminin yaratdığı surətlər türk, gürcü, erməni, özbək, türkmən, tacik, fars və başqa xalqların ədəbiyyatlarına da əslində olduğu kimi keçmişlər. Homerin qəhrəmanlarının Avropadakı şöhrətlərindən Nizami qəhrəmanlarının Şərqdəki müvəffəqiyyətləri daha genişdir. Nizami müxtəlif xalq ədəbiyyatlarına göstərdiyi təsir kimi, özü də xalq ədəbiyyatından (folklordan) faydalanmışdır. Müəllifə görə, bu, şairin ənənələrinə ayrı bir əhəmiyyət və canlılıq vermişdir. Müxtəlif müşahidə nöqtələrindən incələdiyi Nizaminin böyüklüyünün miqyasını təyin etmək üçün müəllif bir ölçü tapa bilmir. O deyir: “Nizami üçün ölçü yoxdur, onu ancaq özü ilə ölçmək mümkün olur!” (s.125). Nizami haqqındakı orijinal rəyini bildiyimiz Hötenin klassik İran şairləri haqqında Şansölye fon Müllerə söylədiyi məşhur bir sözü vardır: “İranlılar beş yüz il içində yetişən şairlərindən yalnız yeddisini yeddi ulduza bənzədib bəyəniblər. Halbuki onların bəyənmədikləri arasında bir çoxları məndən parlaqdır”. Mədəniyyət dünyasının ən böyük şairi tərəfindən özündən üstün olduğu etiraf edilən bu yeddilərdən biri, yuxarıda araşdırdığımız müxtəlif rəylərdən göründüyü kimi, bəlkə də birincisi, Nizamidir!.. * * * * * * "Pənc gənc" və yaxud "Xəmsə" Hazırladım mən əvvəlcə “Məxzəni”, Tutmadı zəiflik bu işdə məni. Bu surətlə yağlı, şirin topladım, “Xosrov-Şirin” dastanına başladım. Bundan sonra bir başqa pərdə açdım, “Leyli-Məcnun” sevdasına ulaşdım. Bu qüssəni bitirmiş oldum; həmən “Yeddi gözəl” sarayına çəkdim yüyən. Indi şerin mən girdim meydanına Təbil vurdum İskəndərin namına. N i z a m i Nizamidən qalan bi miras Şərq ədəbiyyatında mövcud olan bütün janrları əhatə edən 48 min beytdən ibarətdir. Bundan 19 mini şairin nisbətən az məşhur olan “Divan-e əşar”ını (qəzəllər, qəsidələr və başqa parçalar) təşkil edir, qalan 29 min beyt isə kitabımızın bu bölümünün mövzusu olan beş kitaba daxildir. Bizim “beş kitab” dediyimiz bu mövzular məsnəvi tərzində yazılmış beş müstəqil poemadan ibarətdir. Şair özü bu beş kitabına “Pənc-gənc” (“beş xəzinə”) adı vermişdir. Təzkirəçilər və kitabçılar isə beşi bir yerdə toplanmış olan bu məsnəvilərə, qısaca olaraq, ərəb termini ilə “Xəmsə” demişlər. “Xəmsə” sözü Azərbaycan dilində “Beşlik” deməkdir. Nizami bilavasitə bu “Beşliyi” ilə tanınmışdır. “Nizami Gəncəvi” ilə “Xəmse-ye Nizami” söz birləşmələri ədəbiyyatın bir-birini tamamlayan iki məşhur tərkibidir. “Xəmsə”dən kənarda qalmış “Divan” yüksək əhəmiyyətə malik olsa da, Nizamini Nizami olaraq bütün şairlərdən ayıran və onun orijinallığını təmin edən əslində bu beş kitabdır, ustadın özü də sonuncu əsər “İskəndərnamə”nin müqəddiməsində buna işarə etmişdir. Bunun üçün biz də oxucularımıza bu kitabları ümumi surətdə olsa da, tanıtmaq istəyirik. “Beşliy”i tanımadan Nizamiliyi təşkil edən fikirlərə, sənətə aid özəllik və yaradıcılıq haqqında bir fikir aşılamaq mümkün ola bilməz. “Beşlik”, içindəki poemaların yazıldıqları tarix sırasınca tərtib edilmişdir. Biz də bu beş kitabı eyni sıra ilə təhlil edəcəyik. * * * * * * Məxzən-ül-Əsrar Bismillah ər-Rəhman ər-Rəhim Həst kəlid-e dər-e gənc-e həkim N i z a m i 2263 beytdən ibarət olan bu məsnəvi h. 559-da (m. 1163/4) yazılmışdır. Həmin tarixdə şair hələ çox gənc idi. “Məxzəü-ül-əsrar”ı bitirdiyi zaman Nizaminin 20 yaşlarında olduğu təxmin edilir. “Pənc gənc”in ilk “Xəzinə”sini təşkil edən “Məxzən-ül-əsrar” özündən sonra gələn dörd “Xəzinə” əsərdən şəkil baxımından bambaşqadır. Bu, nə bir eşqin macərasını, nə də bir hökmdarın dünyanı fəth etməsini təsvir edir. Bu, nə bir hekayə, nə təmsil, nə də dastan deyildir. Bu baxımdan onun “Beşlik”dəki o biri qardaşlarına oxşarlığı yoxdur. “Sirlər xəzinəsi”nin o biri poemalarla ortaqlığı yalnız yazıldığı məsnəvi tərzində təlqin etdiyi Nizami fikirləridir. Bu kitab “Beşlik”dəki o biri dörd poema kimi forma nöqteyi-nəzərindən bir vəhdət təşkil etmir. Lakin bu, onun məna və fikir etibarilə o biri mənzumələrdən uzaq olduğuna dəlalət etmir. Əksinə, “Sirlər xəzinəsi”nin yazılışındakı əsl məqsəd şairlik deyil, filosof və şeyx olan Nizaminin əxlaqi fikirlərini daxildən gələn bir istəklə oxuculara təlqin etməkdir. Yalnız bu baxımdan ona müstəqil bir kitab demək olar – din yayan bir müqəddəs kitab. “Məxzən-ül-Əsrar” təlqinçi bir əsərdir. Burada şair nəzm dili ilə sufiyanə fikir, əqidə, əxlaq və dünyagörüşünü başqalarına aşılayaraq təlim etməkdədir. o, ilahi hikmətlərin sirrinə varid olmuş və bunları bir “xəzinə” halında mömin və müqəddəs “ərənlərə” əmanət vermişdir. “Beşliy”in bu əsərində biz fikirlərini rəmzlər, rəmzli hekayələr, təmsillər və şairanə təşbihlərlə təlqin edən və hər şeyi tək bir varlıqdan görən bir mürşidlə qarşılaşırıq. Bu mürşid öz kitabına, adət olduğu kimi, Cənabi-Həqqə xitab edən bir alqış və minacatla başlayır. Nizaminin qənaətincə – müsəlmanlığın Allah haqqında əsas əqidəsi də budur – “bütün varlıqları O, vücuda gətirib: zəif torpaq, yer üzü onun bayrağı altına sığınmışdır. Biz Onunla dururkən, O, öz-özünə durmuşdur. Varlığının müəyyən bir şəkil və surəti yoxdur, kimsəyə bənzəməz, dəyişməz, ölməz, bizim hamımız fani ikən, O əbədidir. Yüksəkliklə müqəddəsliyə sahib olan Odur”. Allaha mədh və sənadan sonra Həzrət Peyğəmbərin tərifi gəlir. Nizami bu əsərində “Peyğəmbərin tərifi”ni (“nə’ti-nəbi”) dörd dəfə təkrarlayır. Nizaminin dediyinə görə, hökmü qiyamətə qədər sürəcək ən böyük bilik və hidayət sahibi olan rəhbər – Məhəmməddir. Böyük bir peyğəmbər sifətililə o, Allahla daimi və səmimi münasibətdədir. Merac bu ruhi münasibətin bir rəmzidir. Sufilikdəki Allahla ruhi təmas əqidəsinin şairanə bir rəmzini gördüyü ehtimal edilən merac dastanına Nizami Məhəmməd Həzrətlərini mədh edərkən xüsusi bir qayə və diqqətlə daima qayıtmaqdadır. Peyğəmbərin mədhindən sonra, klassik üsulun tələbinə görə növbə kitabın ithaf olunduğu padşahın – Ərzincan hökmdarı Bəhram şahın mədhinə çatır. Bu barədə keçən bölümdə məlumat verilmişdir. Bundan sonra şair bizə sözün əsl şərəf və fəzilətindən söz açır. Şairin qənaətincə “yaradılış pərdəsinin açılmasıyla varlıq səhnəsinə ilk gələn söz olmuşdur”. “Söz (yəni şer) deməkdəki sirr pərdəsi peyğəmbərliyin bir kölgəsidir”. Məxluqun qədimliyi-təzəliyi araşdırılarkən “Tanrı hüzurunda ön cərgədə peyğəmbərlər, ikinci sırada isə şairlər dururlar”. Şer ilə şairin rütbə və şərəfi təyin edildikdən sonra Nizami bir-iki fırça ilə ilahi eşq ilə coşan füsunkar bir şair kimi öz portretini yaradır. Məsələnin yaxşı anlaşılması üçün əlavə etməliyik ki, Nizaminin peyğəmbərlər dərəcəsinə çıxardığı şair – həvəslərinə deyil, qəlbinə bağlı olan şairdir. “Həvəs yolkəsənlərindən qorxmağı” və “həyatda ancaq qəlbin rəhbərliyi ilə yol getməyi” o, xüsusi olaraq, tövsiyə edir. Nizaminin qənaətincə, “qəlbləri qüvvətli olanlar hər iki dünyada öz arzularına çatırlar”. Belə müqəddimədən sonra şair son dərəcə nəfis və təsvirlərlə bəzənmiş bir-iki fəsildə özü ilə dərdləşərək vəcdə gəlir. Belə bir halətdə o, Allaha qovuşur, onunla tək qalır, şəxsi söhbətləri ilə “xəlvət” düzəldir. Maddi aləmə bağlılıqdan, dünyəvi əlaqələrdən ayrılaraq təcərrüd halında mistik bir hissiyyatla o, Allahın hüzurunda olduğunu anlayır, həqiqi aydınlığa çatır, bəxtəvərdir. Bu səadətini o, istəyinə çatmış bir adam sevinci ilə təsvir edir. Bu “müqəddəslik” “gündüz qədər aydın bir gecədə”, “bir merac gecəsində” üz verdi. “Elə bir gecə ki, düşməni olan gündüz belə onun kimi bir gecə olmaq istərdi”. Öz-özünə ucalaraq, ruhunun (Peyğəmbər kimi merac edərək) Həqq ilə təmasda olduğunu bu şəkildə bildirdikdən sonra, şair vəhy deyilsə də, özünə ilham olunan hikmətləri yaymağa başlayır. Kitabın əsl təlqinçi məqalələri də buradan başlayır. Cəmi 20 olan bu məqalələri aşağıda xülasələşdiririk. Birinci məqalə “İnsani-kamil və tərkidünyalıq” haqqındadır. Atamız Adəm, Allahın bu buyruğundan çıxaraq günah iş gördüyü üçün cəzaya uğrayıb cənnətdən yer üzünə qovulmuşdur. Lakin o, öz günahını başa düşüb tövbə etdiyi üçün yerdə Allahın xəlifəsi təyin edilir. Nizami həmin hekayədən belə nəticə çıxarır: Allahdan qorxmaq və Ona mütləq surətdə tabe olmaq lazımdır. Belə olarsa, insan üçün heç bir təhlükə yoxdur, çünki “Allahdan yaxşılıqdan başqa bir şey gözləmək olmaz”. “Fəna olan bizik, Allah isə yaxşılığın elə özüdür”. Şairin dediyinə görə, “günahımızı başa düşüb Allaha sığınsaq, həmişə onun mərhəmət və lütfündə olacayıq”. Ikinci məqalə “Ədalət və insaf” haqqındadır. “Ədalət ağılı məmnun edən bir rəhbərdir. Məmləkət işləri yalnız ədalət sayəsində görülür. Ölkə yalnız onunla abad olur”. Üçüncü məqalə “Dünyanın dəyişən bir varlıq olduğu” haqqındadır. Fırlanan fələk çərxinin altında olan hər şey dəyişməyə və zavala məhkumdur. Yaşa dolan zaman bizimlə daima müxalifətdədir, o, bizimlə oynar, gah canlılara hakimlik edir, gah da bizi kuzə düzəldənlərə palçıq edir”. Dördüncü məqalə “Padşahın rəiyyətə qarşı vəzifəsi” haqqındadır. Dünyanın əsası ədalətsizlik üzərində qurulmuşsa da, dünyanı idarə etmənin şərti ədalətdir. Kim bu dünyadakı “evində” bir gecə ədalətə qulluq etsə, özünün sabahkı evini tikmiş olur. Beşinci məqalə “Özünə güvənmək və kimsəyə əl açmamaq” haqqındadır. Nizami “bir ovuc buğdaya bənzər arpa” üçün “ürək dənini arpa və buğda kimi üyütmənin” əleyhinədir. Ona görə “xəsislərin çörəyini yeməkdənsə, torpaq yemək daha yaxşıdır”. “Əlini ona-buna uzatmaqdansa, bir işə uzat!” – deyir şair. Altıncı məqalə “Dözümlü olmaq və riyazət” haqqındadır. Burada şair dözümlü olmağın insana mənəvi istiqlal və mətanət verəcəyi fikrini əsaslandırır. “Xudpəsəndlik xəstəliyi fəlakət zərbələri nəticəsində şəfa tapır, çünki “azadlığa gətirib çıxaran hər yolda sevinc günlərini qabaqlayan əzab günləri vardır”. Yeddinci məqalə “İnsanlıq şərəfi” haqqındadır. Bu şərəf insana yalnız o vaxt nəsib olur ki, o, öz ehtiras və həvəslərinə kölə deyil, hakim olur. Əsl insan nəfsini özünə tabe edəndir. “Həva və həvəsə uymaq – zalimlik, özünü tanımaq isə peyğəmbərlikdəndir”. “Çalışmaq və xalqa xidmət etmək – budur insanlığın şərəfi!”. Səkkizinci məqalə “Yaradılışın qədimliyi” haqqındadır. Insanlar yaranmamışdan əvvəl kainatın mövcud olduğunu, günəşin, ayın, ulduzların, mövsümlərin, gecələrin, gündüzlərin eyni nizam daxilində hərəkət etdiklərini özünə məxsus bəlağətlə təsvir etdikdən sonra şair bu köhnə dığırlanan fələyin altında yaxşılıqdan-kobudluqdan hər nə varsa, hamısının bir-birindən rəng alıb-rəng verməkdə olduğunu bəyan edir. Varlıqdakı dialektikanın (təarüz) qədimliyinə bu şəkildə işarə etdikdən sonra, müdrik filosof insan övladını bu xətərli yolda qəflətə dalmaqdan qorxudaraq deyir: “bu yolda yatanın ya başı əldən gedər, ya da papağı”: Hər ke dərin rah konəd xabqah, Ya sərəş əz dəst rəvəd, ya kolah! Doqquzuncu məqalə “Özünü tanımaq” haqqındadır. O deyir: biz su ilə palçıqdan yoğrulmuşuqsa da, bir qiymətli cövhərə malikik. Bizim torpaqdan yoğrulmuş xəmirimizi bişirdikləri zaman içinə “ürək” deyilən bir məcun qoymuşlar. Torpağımız əzablarla, əziyyətlərlə əzilməkdədirsə də, bu “torpağın qəlbi” xəzinələrlə doludur. Şair tövsiyə edir ki, bu torpağın qədrini bilmək və onu yaradana şükr etməliyik. “Bura bizə təyin edilməmiş olduğu bir vaxtda, yəni fani vücud örtüyünü üstümüzə salmadığımız bir zamanda, ruhumuz əbədiyyətin uca nöqtələrinə uçmaq əzmində idi”. Ruhumuzun müvəqqəti olaraq bağlandığı vücudumuzu tərk etdikdən sonra əsl hədəfi olan yüksəkliyə uçmasını və özünə layiq məqama qonmasını həyatdakı sonu düşünməklə təmin etməliyik. “Sonu düşündüyü üçün arının pətəyi balla dolu olur”. “Mərdanə cərgəyə düzülmüş qarışqa gələcək günün yemini daşımaqdadır”. “Adam kor deyilsə, bu böcəklə, bu qurddan necə geri qala bilər?” “İnsanın getməyə borclu olduğu yolun səhralardan keçən çətin bir yol” olduğunu Nizami yaxşı bilirdi. Lakin “yolun çətinliyini görərkən süstləşməməyi” və məqsədə çatmaq üçün oxucularına “din atına minməyi”, yəni bir iman sahibi olmağı tövsiyə edir. Onuncu məqalə “Hünər sahibi olmaq” haqqındadır. Hünər sahibi olmağı tövsiyə etməzdən əvvəl, bizə xidmətdə olan kainatın təsəvvür ediləcək bir zamanda sona çatacağını, çərxin tənəzzülə uğrayacağını, fələyin bizə xidmətindən qalıb qiyamətin qopacağını şair qorxunc bir səhnə halında təsvir edir. Dəhşət doğuran bu “axirüzzəman” təsəvvür qarşısında insan nə etməli, nəyə əl atmalıdır? Bu suala Nizami, “bir hünər sahibi olub, kəmala çatmaq lazımdır” – deyə cavab verir: “eyb və qüsurla dolu olan dünyada” başqalarında eyb və qüsur axtarmağı mənasız iş sayan filosof şair deyir: “bunları özündə axtar və pak olmağa çalış!”. On birinci məqalə “Təkəbbür və məğrurluq” haqqındadır. Burada şair insanlara mənasız qürur və lovğalanmaqdan vaz keçməyi və ideal şəkildə təvazökar olmağı tövsiyə edir. “Qəlbinin tapdığı yol ilə irəlilə ki, hər iki cahana sahib olasan”. Lakin necə irəliləməli? “Rütbəndən qorxmamaq üçün aşağıya, kölgəndən ürkməmək üçün arxaya baxmadan irəlilə!” On ikinci məqalə “Maddiyyatdan uzaqlaşmaq” haqqındadır. Bunu həkimin bir hikmətli cümləsi ilə ifadə etmək olar: “Üzərində məqsəd sikkəsi olmayan zər (qızıl) ilə zərnix (arsen) eyni qiymətdədir”. On üçüncü məqalə “Dünyanın faniliyi” haqqındadır. Bu dünya – “fani bir mənzildir, qərarı yox, xəzan ruzigarıdır, baharı yox!” On dördüncü məqalə “Ədalətsevərlik və düzsözlü olmaq” haqqındadır. Burada Nizami bütün insanları ədaləti sevməyə təşviq edir. Vətəndaşlığın vəzifəsi zülmə və haqsızlığa qarşı çıxmaq və həqiqəti cəsarətlə söyləməkdir. Ağıl sahibi əsl insan yalnız belə etməlidir, çünki “ağıl – Məsihdir, ondan ayrılma!” “Şərab ağıla düşmən olduğu üçün haram elan edilmişdir”, yoxsa “adama kef verən və nəşə gətirən bir şeydir”. Kişinin əsl silahı doğruluqdur. “Əyrilikdən ziyan, doğruluqdan isə salamatlıq və yaxşılıq” gəlir. On beşinci məqalə “İnsanın əhəmiyyəti və qiyməti” haqqındadır. Bu məqalədə şair, zəmanəmizdə daha aktual olan nəsillər arasındakı ahəng və gənclik ilə şəxsiyyət məsələsini təhlil edir. Deyirlər ki, “daş qocaldıqca lələ çevrilir”. Şairin qənaətincə bu, mübahisəli bir məsələdir, çünki o, öz təcrübəsində “bu güruhun qocaldıqca, betər olduğunu” gözləriylə görmüşdür. Şairin tədqiqinə görə, “Yaşlılar arasında gənclərə yardım edən insaflı qocalar az olur”. Beləliklə, “könül genişliyi təzə çiçəklərdən, yaralar isə əski tikanlardan gəlir”. Daha münasib bir təşbih: “başı ağıl üçün ayrılmış qab ikən, əski beyin onu qəbul etməyə heç də hazır deyildir”. Amma “səhhət və sağlamlıqdan ibarət olan gəncliyin dəlilik tərəfləri də az deyildir”. Bu halda nə etməli? Nizamini nümunə götürüb ona oxşamalı; çünki o, gül kimi xəzinə saçır və cavan ikən qocalıq iddiası edir”. “Təzə çıxan ayı hilal şəklində görürsünüz, lakin onun kəmalə yetişib bədr olacağını unutmayın”. “İddialara yox, hünərə qiymət vermək lazımdır”. “Su da, sədəf də çoxdur, lakin inci olacaq damlalar azdır”. “Nə qədər can, nə qədər qan lazımdır ki, bir gövhər bir taca qonsun!”. On altıncı məqalə “Gələcəyi düşünmək” haqqındadır. Burada şair ziyanlarımıza görə şəxsən özümüzün cavabdeh olmağımız fikrini təlqin edərək soruşur: “Şərabı içən sən, dünyanın qəbahəti nə?” Hərəkətlərinin nəticəsini düşünməyən adamlar, şairə görə, daima ziyan görərlər. Gələcəyi, aqibəti düşünənlər isə azdırlar. “Dünyanın hər yeri daşlarla dolu isə də, ləl olan daş çox azdır”. On yeddinci məqalə “Guşənişinlik və təcrid” haqqındadır. Sufiliyə xas olan bu iki kəlmə ilə bir insanın mənən öz qınına çəkilməsi, həva və həvəslərdən ayrılması, öz idealı yolunda hər cür məhrumiyyət və çətinliklərə dözməsi ifadə olunur. Şair, bizdən qüvvətli olan həyat şəraiti qarşısında nə sırtıq, nə də məyus olmağı bizə məsləhət görür. Nə yersiz ağlamaqla kor olmağı, nə də arsızca daima gülməyi tövsiyə edir. Bunların hər ikisi ölçüsüzlükdür. Həyatın sirri isə ölçülü olmaqdadır. Insanları bədbəxt edən içlərindəki təzaddır. Bunun şairanə misalı isə mumdur. “Yanarkən mum kimi gülənlərin ömrü qığılcım kimi qısa olur”. On səkkizinci məqalə “Zəmanə adamlarının vəfasızlıqları” haqqındadır. Şair çiy süd əmmiş insan oğlunun vəfasızlığını yaxşı bilirdi. Bunun üçün işarə etdiyi insanları dost seçməkdə ehtiyatlı olmağa dəvət edir. Bu axtarışlarda vücudumuzun aciz olduğunu başa salaraq, şair vəzifəni qəlbimizin öhdəsinə qoymağı məsləhət görür. Tən çe şenasəd ke tora yar kist, Del bovəd agəh ke vəfadar kist. (Bədən necə bilə bilər ki, sənə dost kimdir, yalnız qəlb agah ola bilər ki, vəfalı dost kimdir – red.) On doqquzuncu məqalə “Düşməndən çəkinmək” haqqındadır. Şairin bu xüsusdakı tövsiyəsi sadədir: Düşmənin böyüyü-kiçiyi olmaz; hətta kiçik düşmən daha təhlükəlidir. Əqrəb kiçik olduğu halda, əjdahadan daha qorxuludur; bunlardan ikincisi açıqda ikən, birincisi gizlidir. “Ən böyük qəflət – ən kiçik düşməndən qafil olmaqdır”. Iyirminci məqalə “Mütəəssiblərdən şikayət” haqqındadır. Hər yenilik nümayəndəsi və hər böyük sənətkar kimi Nizami də öz dövrünün mütəəssiblərindən çox əziyyət çəkmişdir. Şair deyir: “Dünyanın vəziyyətinə bax, gör onun başçıları, “adlı-sanlıları” kimdirlər?” Bu bir-iki bədnam, “adı batmış” başçılar istəyirlər ki, şairi sındırsınlar, lakin o, buna əhəmiyyət vermir, “çünki hilal halında olan şəxsiyyət sındırıldıqca böyüyərək” bədr (tam, bütün ay) olacağına əmindir. Nizami bütün bu məqalələrdə yürütdüyü fikirlərin hərəsini bir hekayə və ya təmsil ilə təchiz və təsvir etmişdir. Bunların hamısını, xülasə halında olsa da, burada təhlil etmək sözün həddindən artıq uzanmasına səbəb olardı. Bununla bərabər, çox mənalı və bəzən də çox maraqlı bədii nümunə olan bir neçə misal gətirmək zövqündən özümüzü məhrum edə bilmədik. Ədalət və insafdan bəhs edən məqaləsini şair Ənuşirvan ilə vəzirinə aid bir hekayə ilə təsvir edir. Şah vəziri ilə birlikdə gəzintiyə çıxdığı zaman iki xaraba evin divarları üstünə qonmuş iki bayquşun səs-səsə verərək uladıqlarını görmüşdür. Şah vəzirə tərəf dönərək: sən quşların dilini anlayırsan; bunlar nə danışırlar? – deyə soruşmuşdur. Vəzir: – söhbət toy-düyün haqqındadır – demişdir. – Bayquşun biri o birindən qızının nigahı müqabilində yüz xaraba istəyir. Bu birisi isə cavab verir: “Günlər belə keçsə və padşah eyni adam qalsa, mən sənə yüz yox, yüz min xaraba verərəm”. Gər məlek inəst, çenin ruzeqar, Z-in deh-e viran dehəmət səd hezar. Tərcüməsi: Şah bu isə, böylə getsə ruzigar, Yüz min xərabəlik diləsən də var! Padşahın rəiyyətə qarşı vəzifəsinə aid məqalə aşağıdakı hekayə ilə təsdiqlənmişdir: Böyük səlcuqlardan sultan Səncərin qarşısına zülm və işgəncəyə məruz qalmış bir qoca qarı çıxaraq demişdir: Doulət-e torkan ke boləndi gereft Məmləkət əz dad pəsəndi gereft. Çon ke to bidadgəri pərvəri Tork nəyi, hendu-ye ğarətgəri. Tərcüməsi: Türklərin çün yüksəldi dövlətləri, Ədalətdən süsləndi hər elləri. Madam ki, sən zülmə amil olursan, Bir türk deyil, çapqınçı bir hindusan! Özünə güvənmək və kimsəyə əl açmamaq haqqındakı məqaləsini şair belə bir hekayə ilə tamamlamışdır: Cavanlardan biri kərpic palçığını ayaqlayan bir qocaya rast gəlir. “Ata, nə üçün özünü yorursan, nəyə görə özünə bu qədər əziyyət verirsən? Kərpic kəsmək sənin yox, gənclərin işidir. Sən xahiş etsən, kim sənə kömək etməz?! Hansı cavan səndən bir parça çörəyini əsirgər?!” – deyə gənc qoca kərpickəsənə müraciət edir. “Elə ona görə əziyyət çəkərək palçıq qayırıram ki, günlərin bir günü sənə əl açmayım” – deyə qoca cavab verir və həmin cavabla da gənci utandırır. Ədalət və doğruluq haqqındakı fikirlərini təsdiqləmək üçün düzdanışan bir zahidin cəsarətini təsvir edir: Zülmkar və qəddar bir padşah varmış. O, xalqa zülm edir və əhalinin malına və mülkünə əl atırmış. Qoca bir zahid bu vəziyyəti tənqid edərək padşahın zülmkar olduğundan şikayətlənirmiş. Padşah qocanı öz hüzuruna çağırtdırmış və bundan xəbər tutan kimi qoca qüslünü alıb və kəfənini geyib şahın hüzuruna gedir. Zalım padşah əvvəldən öz cəlladlarını hazırlayaraq onlara əmr veribmiş ki, qoca ağzını açmamış onu öldürsünlər. Qocanı görən kimi padşah onun üstünə qışqırmış: “Mənə zalım deyən sənsənmi?” “Bəli, – deyə qoca cavab verir: – mən sənin haqqında sən bildiklərindən də ağır sözlər demişəm, lakin unutma ki, mən səni olduğun kimi göstərən bir güzgüyəm; öz üzünü bu güzgüdə eybəcər görürsənsə, günah güzgüdə yox, sənin özündədir. Odur ki, o güzgünü yox, özünü qır”. Düz sözlərindən və cəsarətindən təsirlənən padşah həmin qocanın kəfənini üstündən götürtdürmüş və ona xələt geyindirmişdir. Bu ibrətdən dərs alan padşah zülmü atıb ədalətə qovuşmuşdur. Pisliyə yox, yaxşılığa qulluq etmək hikmətinin təsviri üçün şair İsaya aid bir təmsil gətirmişdir. Çürümüş bir köpək leşinin ətrafına toplaşanlardan biri leşin pis iyləndiyindən, o biri – çirkinliyindən, üçüncüsü çürüdüyündən, dördüncüsü isə qurdladığından bəhs edirmiş. Bu arada İsa gələrək deyir: “Bir baxınız, görün nə ağ, nə gözəl, nə sağlam dişləri vardır!”. Əvvəllər qeyd etdiyimiz kimi, “Məxzən-ül-əsrar” şairdən çox filosof və şeyx Nizaminin əsəridir. Təlqinçi bir əsər olduğundan, başqa bədii əsərlərinə nisbətən sənət baxımından bir az soyuqdur. Buna baxmayaraq, Nizamiyə xas orijinal ifadə və mistik ruh ilə yazılan bu əsər şer nöqteyi-nəzərindən də yüksək və canlı parçalara malik, fövqəladə bir “Sirlər” xəzinəsidir. Həm şairin sağlığında, həm də özündən sonra Şərq ədəbiyyatının çox məşhur simaları “Məxzən-ül-əsrar”a təqlid ilə ona nəzirələr yazmışlarsa da, tənqidçilərin bir səslə söylədiklərinə görə, heç biri onun qədər uğurlu olmamışdır. * * * * * * Xosrov və Şirin Xodavənda dər-e toufiq beqoşay Nezami-ra dər-e təhqiq benomay (İlahi, müvəffəqiyyət qapısını aç, Nizamiyə axtarış qapısını göstər! – red. ) 6966 beytdən ibarət olan bu məsnəvi hicri 576-cı ildə (miladi – 1180) tamamlanmışdır. Əsər Azərbaycan hökmdarlarından Atabəy Məhəmməd Cahan-Pəhləvana ithaf olunmuşdur. “Xosrov və Şirin” Sasanilərin 23-cü şahı Xosrov Pərviz ilə sevgilisi Şirin haqqında qədim bir hekayət əsasında işlənmiş mənzum bir romandır. Bu hekayətin müxtəlif hissələri qədim kitablardan olan Cahizin “Kitab əl-məsahin vəl-əzdad”, Əbu Mənsur Səalibinin “Ğürər əl-əxbar”, Əbu ilə Miskəveyhin “Nədim əl-fərid”, İbn Nəba-tenin “Sirh əl-üyun” əsərlərində nəsr ilə və məşhur İran şairi Əbül-Qasim Firdovsinin “Şahnamə”sində (yalnız bir hissəsi) nəzm ilə, bir-birinə bənzər şəkildə nəql olunmuşdur. Nizami bu hekayəti bütünlüklə nəzmə çəkən ilk şairdir; özünə xas psixoloji təhlil və yaradıclıq məharəti sayəsində dünya ədəbiyyatının əbədi mövzusunu təşkil edən məhəbbət haqqında yazılmış dastanlar arasında ona xüsusi bir yer təmin etmişdir. Hekayənin müəyyən bir çərçivə içərisinə sığan qısa məzmunu belədir: Sasani padşahı Hörmüzə canı qədər sevdiyi yeganə oğlu və vəliəhdi Xosrov Pərvizdən şikayət edirlər. – Günahı nədir? – deyə soruşur. – Atı bir kəndlinin tarlasını yemişdir. Qulları başqalarının bağından salxımlarla üzüm dərmişlər. Özü kəndxudanın razılığı olmadan evinə girmiş və yatağında gecələmişdir. Çalğıçısı kamanının naləsi ilə bütün gecə xalqın rahatlığını pozmuşdur, – deyirlər. Əmr edir: şahzadənin atı kəndliyə bağışlansın, qulları üzümü dərilmiş bağın sahibinə verilsin, taxtı yatağı alınmış kəndxudaya verilsin, çalğıçının dırnaqları çıxarılıb kamanının telləri qırılsın. Ağıllı şahzadə atasının bu ağır cəzasını mərdliklə qarşılayır və hüzura gələrək etdiyindən peşman olduğu üçün bağışlanır. Bu hadisədən sonra daim fikirli görünən şahzadə günlərin birində öz nədimi, məşhur rəssam Şapurdan gördüyü bir yuxunu yozmağı xahiş edir. Nazənin bir pəri Xosrovun yuxusuna gəlmiş və demişdir: “Dörd sevdiyin şey əlindən çıxmışsa da, dörd şeyin müjdəsini verirəm: birincisi, üzüm yediyin zaman üzünü turşutmadığın üçün elə gözəl bir yar tapacaqsan ki, ondan daha şirin bir varlıq dünyada ələ düşməz; ikincisi, atını bağışladılarsa da Şəbdiz adlı qara bir ata malik olacaqsan ki, sürətdə külək də ona çata bilməz; üçüncüsü, taxtını kəndliyə verdilərsə də baxtin dönmədi – qızıldan şahanə bir taxta çıxacaqsan; dördüncüsü, dırnaqları çıxarılmış sazəndənin yerinə Barbəd adlı bir çalğıçın olacaq ki, ahəngi ilə bülbülləri belə bihuş edəcəkdir. Şapur şahzadənin yuxusuna girən gözəlin şahzadə Şirindən başqası olmayacağını söyləyir. Bu, Dərbənd dənizi ətrafındakı Gülüstanın bəri tərəfində hökmdarlıq edən Şemiraminin qardaşı qızı və vəliəhdidir. Şəbdiz adlı qara at da bu saraya məxsus tövlədədir. Rəssam Şapur Şirindən danışdıqca yuxuda gördüyü gözəl şahzadənin gözləri önündə canlanır. Nəhayət, qəlbini bürüyən həyəcanı saxlaya bilməyən Xosrov sədaqətli nədiminə Şirinə vurulduğunu etiraf edir və ondan bir çarə istəyir. Şapur Şirini tapmaq və könlünü ələ gətirmək məqsədilə şahzadədən bir üzük alıb yola düşür. Gecəni gündüzə qataraq yol gələn Şapur bir yaz mövsümündə Ermənistan dağlarına yetişir. Bu mövsümdə Şirin, adətən, qızların müşayiəti ilə dağ yamaclarında, çəmənliklər və çiçəkliklərdə vaxtını keçirərmiş. Qərib bir yolçu sifəti ilə dağdakı bir monastırda məskən salan Şapur çox keçmədən gözəllərin yerini öyrənir, onların arasında Şirini müəyyənləşdirir, lakin özünü heç kimə göstərmir, məqsədə yetişmək üçün tədbirlər düşünür – qızlığın bəxş etdiyi sevinclə, zövq və səfaya dalaraq əylənən pəriləri hər hansı yad bir adamın mövcudluğu ürküdə bilərdi, ehtiyatla davranmaq lazım idi. Şapur bir kağız üzərində şahzadə Xosrovun şəklini çəkərək gecə qaranlıqda gözəllərin olduqları yerdə bir ağacdan asır. Səhər açılarkən yenə gəzintiyə çıxan qızlar, eyş-işrətin ən dadlı bir anında ağacdakı kağızı görürlər. Şəkli Şirinə gətirirlər. O, müstəsna dərəcədə gözəl bir gəncin şəkli olan bu kağızı dağın başında hansı əlin ağacdan asdığı barədə fikrə gedir. Qızlar bunun pəri sehri ola biləcəyindən qorxuya düşürlər – şahzadənin onu seyr etməsinə imkan vermirlər. Hadisəni gizlincə müşahidə edən Şapur şəklin ikinci bir surətini başqa bir ağacdan asır. Eyni qayda ilə qızların əlinə keçən şəkil bu dəfə Şirini xüsusilə maraqlandırır. Yanındakılar yenə kağızı ondan alıb cırırlar. Olduqları yerin pərilər məskəni olmasına şübhələri qalmır. Başqa bir gəzinti yerinə köçürlər. Şapur qızların köçdüyü yeni çəmənliyin də yerini öyrənir. Üçüncü dəfə Xosrovun şəklini bir ağaca asır. Bu dəfə şəxsən Şirinin özü şəkli görür və bunun pəri deyil, insan işi olduğu qənaətinə gəlir. Gözəl şahzadə şəkildəki gəncə vurulduğunu yanındakı qızlara açır. Naməlum gəncin şərəfinə bir-birinin ardınca qədəhlər qaldıraraq, hər dəfə içdikdən sonra şəkli doymadan öpür. Dərin düşüncədən sonra əmr edir: qızlar ətrafdakı dərələrə, təpələrə dağılıb buraya bir yad adamın gəlib-getdiyini və bu şəkildən xəbəri olub-olmadığını öyrənsinlər. Bu axtarış zamanı şair Şirinin özünü Şapurla rastlaşdırır. Qarşısındakı gözəlin axtardığı Şirinin özü olduğunu bilən qoca rəssam, Nizaminin istifadə etdiyi şahmat istilahı ilə desək, “gedişinin baş tutduğunu” görüb ehtiyatla davranır: sirrini açmazdan əvvəl şahzadə ilə ikilikdə qalmağa nail olur. Söhbət əsnasında Şirini şəklini gördüyü gəncə aşiq olduğunu etiraf etdirdikdən sonra olub keçəni danışır, kim olduğunu söyləyir və şəklini çəkdiyi adam tərəfindən elçiliyə göndərildiyini bildirərək Xosrovdan aldığı üzüyü Şirinin barmağına taxır. Öz aralarında tutduqları plana görə, Şirinin İran paytaxtı Mədainə getməsi qərara alınır. Şirin bibisindən qızlarla birlikdə ova çıxmaq üçün icazə alacaq və bir bəhanə ilə bu zaman Şəbdiz atına minmiş olacaqdır. Bu yolla çölə çıxdıqdan sonra mindiyi atın qeyri-adi sürətindən istifadə edərək məiyyətindən uzaqlaşacaq və İran yolunu tutacaq, Mədainə gedərək vəliəhd Xosrovun xüsusi mənzilinə yetişdikdə Şapurun verdiyi üzüyü göstərərək qəbul olunacaqdır. Şapur Xosrovun qırmızı rəngli libas geyindiyini və qırmızı papaq qoyduğunu hər ehtimala qarşı məlumat üçün Şirinə deyir. Mədainə gəldikdə, tutalım, şahzadəyə rast gəlməzsə və onu yerində tapmazsa, Şirinin arzusu üzrə istədiyi şəkildə dincəlməyə imkanı olacaq və onun şahzadəni gözləyə bilməsi üçün hər bir şərait yaradılacaqdır. Şirinin yola düşməsi xəbərini alar-almaz Şapur da onun arxasınca hərəkət edəcəkdir. Dövrün adəti üzrə oğlan kimi geyinmiş Şirin məşhur Şəbdiz atına minərək özü kimi oğlan libasında olan qızların müşayiətilə ova çıxır. Dərhal qara atı mahmızlayan Şirin İran yolunu tutur. Yanındakılar atlarını şahzadənin ardınca çapırlarsa da, yel kimi uçan Şəbdiz bir anda gözdən itir və şahzadənin izindən tozdan başqa heç nə qalmır. Qızlar məyus halda geri qayıdırlar. Üzüntülü xəbəri alan şah Şemirami son dərəcə mütəəssir olsa da Şəbdizin arxasınca getməyi faydasız bilir. Şirin yol getməkdə olsun, biz isə sürətdə Şəbdizin yeganə rəqibi olan xəyalın köməyi ilə bu zaman Mədaindəki hadisələrlə tanış olaq: Rəqiblərinin qurduğu bir intriqadan sonra atası Xosrovdan şübhələnməyə başlayır. Onun yaxşılığını istəyən qoca vəzir Büzürgümmidin tövsiyəsi ilə Xosrov müəyyən müddətdə Mədaində olmamaq üçün paltarını dəyişib gizlicə səyahətə çıxır. Onun məqsədi Şapuru tapmaq və bəlkə də Şirinlə görüşməkdir. Yola çıxarkən hər ehtimala qarşı, onu bir qadın soruşarsa, onun hər cür istirahətini təmin edib şahzadənin də iki-üç həftəyə qayıdacağını söyləməyi saray adamlarına tapşırır. Mədainə yaxın bir yerdə ətrafda heç kəsin olmamasından istifadə edən Şirin yorğunluğunu çıxarmaq üçün bir çeşmə başında çimməyə başlayır. Paytaxtdan uzaqlaşmaqda olan Xosrov ona rast gəlir və hər ikisində qarşılıqlı qəribə bir meyl və eşq hissi oyanırsa da, bir-biri ilə tanış olmaq üçün münasib bir səbəb olmadığından və üstəlik şahzadənin əynində Şirinə deyilmiş əlamətlərlə uyğun gəlməyən adi geyim olması sevgililərin, rastlaşsalar da bir-birini tanımadan müxtəlif istiqamətlərdə ayrılmalarına səbəb olur. Şirin Mədainə – Xosrovun sarayına gəlir. Onu qəbul edirlər. Şahzadənin gedərkən bir kəs gələrsə, onu gözləməsini tapşırdığını söyləyirlər. Şəbdizi tövləyə bağlayırlar, Şirinə də cariyələrə məxsus qəsrdə bir yer ayırırlar. Şirin burada yeni gəlmiş cariyə rolunu oynamağa məcbur olur. Intizar onu üzür. Özünun bir dağ qızı olub şəhər hava və həyatına alışmadığı üçün xəstələndiyini bildirərək, Şirin mümkünsə, onun üçün də dağda bir yer hazırlanmasını xahiş edir. Sarayın paxıl cariyələri onun bu xahişindən istifadə edərək mənzərəli və xoş havalı bir saray əvəzinə Kirmanşah yaxınlığında, havası bürkü, yaşıllıqdan məhrum bir dağın qayalıqları arasında həbsxanadan fərqlənməyən bir qəsr tikdirirlər. Gözəl Şirin bu qəsrə köçür. Digər istiqamətdə yola düşən Xosrov Ermənistan hüduduna gəlir. Burada bir az qaldıqdan sonra Muğana, ordan da Xuzistana gedir. Şemirami şahzadənin bu tərəflərə gəldiyini bilən kimi onu qarşılamağa çıxır. Onu qışı eyş-işrətlə keçirmək üçün Bərdəyə dəvət edir. Şah Şemiraminin qonağı kimi vaxtını keflə keçirən Xosrov daxilən əzab çəkir, Şirini düşünür. Amma sirrini heç kəsə açmır. Birdən Şapurun gəldiyini xəbər verirlər. Sonsuz maraq içində Şapurla təkbətək qalan Xosrov olub keçəni öyrənir (Şapurun Şirinə verdiyi sözə xilafən hələ buralarda olması onun təsadüfən xəstələnməsindən irəli gəlmişdir). Hadisəni Şemiramiyə açırlar. Xosrovun əmri ilə Şapur Şirini gətirmək üçün Mədainə qayıdır. Şapur Şirini “Qəsri-Şirin”dən götürüb min bir sevinc içində Bərdəyə qayıtdıqda Xosrovu orda tapmır. Fələk yenə də öz işini görmüşdür: Şapur getdikdən sonra Hindistandan Xosrovun yanına bir qasid gəlmiş, atasının orda ölməsi xəbərini ona yetirmiş və demişdir ki, bütün dövlət adamları taxt-taca sahib olmaq üçün onun dərhal məmləkətə qayıtmasını gözləyirlər. Bu hadisə ilə əlaqədar Xosrov Şirini gözləmədən getmişdir. Xosrov İran taxtına çıxıb səltənət işlərini yoluna qoyduqdan sonra könlünün səsinə qulaq asaraq Şirini axtarır. Şapurun onu apardığını bildirirlər. Gənc padşah yenə dadmalı olduğu ayrılıq acısını Şirinin burda qoyub getdiyi Şəbdizlə sakitləşdirir. Fəqət taleyin daha acı oyunları varmış: Bəhram-Çubin adında dəmir iradəli sərkərdələrdən biri könlünü qızlara vermiş eşqbaz bir uşağın məmləkət işlərini idarə etməyə qadir olmayıb himayəyə götürülməsinin zəruriliyi fikrini yayaraq bir yandan dövlət adamlarını, digər tərəfdən də əhalini Xosrovun əleyhinə qaldırır. Yalnız Şəbdizin qeyri-adi sürəti nəticəsində Xosrov yaxasını düşmən əlinə vermir və təhlükədən canını qurtarıb Azərbaycana – Muğana gəlir. Burada o, məiyyəti ilə gəzintiyə çıxmış gözəl Şirinlə görüşür və tanış olurlar. Sevgilisinə qovuşandan sonra fəlakətini unudan Xosrov əyləncələrə qurşanır. Eyş-işrətlə keçən bu nəşəli günləri Nizami özünəməxsus bir qüdrətlə, bütün təfərrüatı ilə təsvir edir. Dinini və ismətini qorumaq və camaat arasında olmaq şərti ilə Xosrova ən yüksək iltifatlar göstərmək üçün şah bibisindən icazə almış Şirin, sevgilisi ilə öpüşməsinə baxmayaraq, eşqdən məst olmuş gəncin daha uzağa gedən arzularına yol vermir. Bu zəmində aşiqlə məşuq arasında gedən dialoq mübahisə şəklini alaraq böhranlı bir nöqtəyə çatır. Şahzadənin israrından özünü xilas etmək üçün Şirin deyir: “Hər şeydən əvvəl itirdiyin taxtını geri al! Qorxuram ki, mənə qovuşub taxtsız qalasan, halbuki mən taxt və tacını geri alana qədət səni gözləyərəm!”. Sevgilisinin bu xəbərdarlığından qəzəblənən Xosrov həmən qara atın belinə sıçrayaraq: “Mən sənin ucbatından taxtımı və tacımı itirdim; bir də sən məni gah nakam qoymaqla əzab verir, gah da comərdlik öyrətməklə alçaldırsan, eləmi?!” – deyə Şəbdizin başını çəkərək gözdən itir. Xosrov Rum paytaxtı Qostəntəniyyəyə (Konstantinopola) gəlir. Bizans imperatoru onu çox gözəl qarşılayır. Qızı Məryəmi ona verir. Eyni zamanda, Rum imperatoru bir ordu təşkil edərək tac və taxtını geri almaq üçün kürəkəninin ixtiyarına verir. Bağlanan şərtə görə Xosrov Məryəmə ölənə qədər sadiq qalacağına və ondan sonra evlənməyəcəyinə, ondan başqa heç kəsi sevməyəcəyinə söz və zəmanət verir. Xosrov Pərviz taxtını qəsb etmiş Bəhrama qarşı döyüşdə qələbə qazanır. Qalib kimi Mədainə gəlir və padşahlıq taxtına çıxır. Bu zaman şah Şemirami ölmüşdür. Şirin şah olmuşdur. O, bütün əməyini məmləkətin rifahına sərf etmiş və özünü xalqa sevdirmişdir. Amma könlü xoş deyildir. Qəzəblənib getdiyi gündən bəri Xosrovdan ayrıldığına yanmaqdadır. Sevgilisini incitdiyinə peşman olmuşdur. Qəlbini iztirablar üzür. Nəhayət, Şirin qəti qərara gəlir: yerinə bir nəfəri təyin edərək, məmləkətindən çıxıb İrana gəlir və tanıdığımız “Qəsri-Şirin”də məskən salır. Xosrov yenidən sahib olduğu səltənətini qaydaya salmaqla məşğuldur. Hər şey könlünün istədiyi kimi gedir: rəqibi Bəhram ölmüşdür. Vilayət hakimləri ona itaət etmişlər. Xosrovun təşkil etdiyi eyş-işrət və əyləncə məclislərinin səsi və sədası bütün Mədaini bürümüşdür. Nəşəli gecələrin birində Barbəd adlı çalğıçısının çalıb-oxuduğu bir qəzəlin təsiriylə Xosrovda Şirinlə birlikdə keçirdiyi xoş günlərin xatirəsi canlanır. Bir tərəfdən şərabın, bir tərəfdən də alovlanmış sevginin coşdurduğu Xosrov qadını Məryəmin otağına gələrək, səmimi bir dillə xanımının ağzını arayır: − Şirin – deyir, – məndən ötrü taxtı-tacından keçmişdir. Mənə çox yaxşılıqlar etmiş bu qadına mənim kimi sənin də hörmət etməyin münasib olardı. Əgər müsaidə etsən, gəlsin, sarayda bir otaqda yaşasın. Qısqanc bir qadın hissilə alışan Məryəm Xosrova Qostəntəniyyədəki əhdini xatırladaraq deyir: “Şirin bu saraya gəlsə, mən o dəqiqə İranı tərk edib, Ruma qayıdaram”. Bu qəzəb qarşısında geri çəkilən padşah məsələni təxirə salaraq xanımını sakitləşdirmək üçün əvvəlki əhdini bir daha təsdiq edir. Xosrov bir dəfə də sevgilisini görməyə cəhd edir. Şapura tapşırır ki, Şirini gizli bir surətdə saraya gətirsin. Şapurun bu gedişi psixoloji təhlil baxımından dastanın ən qüvvətli parçalarından birini təşkil edir: darıxmış və qəzəblənmiş Şirin Şapuru vəfasız aşiqinin ünvanına söylədiyi təsirli və hiddətli bir monoloqla qarşılayır. “Onun yolunda tacımı və taxtımı fəda etdimsə də, qadınlıq şərəfimi və mənliyimi fəda etmərəm”, – deyə Şirin gizli yolla saraya getmək təklifini qətiyyətlə rədd edir. Şirin bir çətinliyi də Şapura bildirir. Deyir ki, qəsrimiz dağlıq, hündür və tənha bir yerdədir. Sürümüz isə buradan iki ağacda (fərsəxdə) yerləşən bir otlaqda otlamağa məcburdur. Əsas yediyimiz süddür. Bu vəziyyətdə belə uzaqdan süd gətirmək çətindir. Bir usta olaydı, çobanların sağdığı südü təzə-təzə sürülərin olduğu yerdən buraya axıtmağı bacaraydı. Şapur bir mühəndis, memar və heykəltəraş olan Fərhadı Şirinin yanına göndərir. Şirinin şirin dilinə, gül üzünə vurulan sənətkar çox keçmədən arzu olunan işi yerinə yetirir. Qoyunların olduğu yerdən “Qəsri-Şirin”ə qədər daşdan bir arx çəkib mərmər hovuza birləşdirir. Qəsrdəkilər heç bir zəhmət çəkmədən çobanların iki ağaclıqda sağdıqları südü təzə-təzə hovuzlardan götürürlər. Şirinin təşəkkür və iltifatlarından məmnun qalan Fərhad mükafat olaraq ona verilmiş cəvahiratı gözəlin ayaqları altına atıb eşqdən məst olmuş bir vəziyyətdə “Qəsri-Şirin”dən uzaqlaşır. Bu andan etibarən vurğun olmuş Fərhadın ara-sıra bu tərəflərə gəlib qəsri uzaqdan seyr etdiyini görürlər. Şirinə vurulan Fərhadın Məcnun kimi sərgərdan olub çöllərə düşməsi xəbəri saraya gedib çatır. Qısqanclığı baş qaldıran Xosrov Fərhadı tapıb yanına gətirmək üçün ətrafa adamlar göndərir. Aşiqi tapıb gətirirlər. Xosrov ilə Fərhad arasında keçən deyişməni (dialoqu) Nizami fəlsəfi bir tərzdə vermişdir. Eşqdən sərməst olan Fərhadın tac sahibi rəqibinin çaşdırıcı suallarına verdiyi cavablar padşahı mat qoyur. Qızıl vədinə uymayan, mənəvi sorğu-sualda təslim olmayan rəqibini, padşah bu dəfə qeyri-mümkün bir işlə sınaqda məğlub etməyi qərara alır. Xosrov deyir: – Deyirlər ki, sən məharətli bir ustasan. Şəhərimizin yolunu kəsən bir dağ var, onu oradan götürə bilərsənmi? – Bəli, padşah, amma bir şərtlə!.. – Nədir o şərt?.. – Mən dağı yaracağam, sən də Şirindən əl çəkəcəksən! Aşiqin bu cəsarətinə heyran qalan Xosrov hiddətlə bağırır: – Söz verirəm! Fərhad padşahın hüzurundan çıxaraq birbaşa, sonradan “Bisütun” kimi tanınan dağı yarmağa girişir. Günlər, aylar keçir. Hadisəni Şirinə xəbər verirlər. O, Fərhadı görməyə gəlir. Bu gəliş aşiqə yeni qüvvə və ümid verir. Dağın yarılması işi daha böyük bir ruh yüksəkliyi və həyəcanla davam edir. Xosrova xəbər gətirirlər: işlər çətinləşir. Çox keçməz dağ yarılar, rəqib qalib gələr. Hə etməli?! Xosrov hiyləyə əl atır. Fərhadın yanına adam göndərir. Zahirən xeyirxah görünən bu xain adam Bisütuna gəlir və Fərhaddan: – Ey qafil, nə edirsən? Kimin üçündür bu cəhd? – deyə soruşur. – Şirin üçün! – Hanı Şirin?.. O ölmüşdür!.. Bunu eşidən kimi aşiq canını tapşırır. “Can canana təslim edilir”. Şirin faciəvi xəbəri eşidir. Cənazə üstünə gəlir. Fərhadı mərasimlə dəfn etdirir (Bu hissə mənzumənin ən təsirli parçasını təşkil edir). Fərhadın matəmini tutan Şirinə Xosrov bir başsağlığı məktubu göndərir. Eyhamlarla dolu olan bu məktubunda “öldürdüyü aşiqə yas saxlayan” Şirinə təsəlli verərək, “pərvanə yandısa da, şam qaldı” deyir. Az sonra Məryəm xəstələnərək vəfat edir. Dedi-qoduçular onun Şirin tərəfindən zəhərləndiyini söyləyirlər. Bu ölümə ürəyində sevinən Xosrov, zahirən, adətə uyğun olaraq, bir il yas tutur. Şirin də səadətinin yolundakı əngəlin aradan qalxmasına ürəkdən sevindiyi halda, ehtiyatla davranır: “Qəsri-Şirin”də matəm saxlatdırır. Bir il keçdikdən sonra o da Xosrova bir başsağlığı məktubu göndərir: “Məryəm öldüsə də, İsa qaldı” – deyir. Şirinin məktubundakı eyhamları öz eyhamlarının cavabı kimi başa düşən Xosrov, Şirinin yanına yağlı dili olan elçilər göndərir. Lakin Şirin naz edir. “Hər şeydən əvvəl nikah və rəsmiyyət” – deyir. Şahın xahişləri gücləndikcə, Şirinin nazı da artır. Xosrov işin çətinləşdiyini anladıqda, çıxış yolunu hiylədə görür. Laqeydlik üsuluna əl atır. Aylar keçir. Xosrov İsfahanda yaşayan Şəkər adlı bir gözəlin sorağını alır. Onun yanına gedir. Əslində yüngül bir həyat keçirən bu qadının bütün açıq-saçıqlığına baxmayaraq, ismətini saxlamış bir qız olduğunu bildikdə, sarayına gətirir. Özünə arvad edir. Bütün bunları bilən Şirin öz qəsrində əzablar içində ümidini üzməyib dözür. Həyatı ah-zar içində keçir. Allaha müraciətlə: “Ədalət qələbə çalmayacaqmı?” – deyə yanıb-yaxılır. Şəkər Şirinin yerini vermir. Könlün deyil, sadəcə olaraq vücudun meylindən doğan bu ünsiyyət Xosrovu təmin etmir. Bir müddət sonra Xosrov yenidən Şirindən almadığı muradının atəşi ilə yanmağa başlayır. Bu dəfəki həsrət daha dözülməz və daha amansız olur. Padşah ova getmək bəhanəsilə çölə çıxır, məiyyətindən xeyli aralanır, atını “Qəsri-Şirin”ə doğru sürür. Amma Şirinin əmrinə görə qapıları Xosrovun üzünə açmırlar. Çovğunlu bir qış axşamında qapının arxasında qalan aşiqlə qəsrinin pəncərəsindən baxan məşuq arasında dialoq, izzəti-nəfsinin intiqamını almaq istəyən qadın ilə istəyinə yetməyə can atan kişi israr və inadlarının yüksək poetik ifadəsindən ibarətdir. Padşahın heç bir etirafı, izahı və xahişi fayda vermir. Şirin heç bir vəchlə tutduğu mövqedən əl çəkmir. – Məni istəyirsənsə, qanuni istə; kəbin kəsdir, sonra sarayına apar, əks halda get Şəkərinin yanına. Xosrov yenə qara atının cilovunu çəkib incimiş halda Şirinin qapısından uzaqlaşır. Son dərəcə mütəəssir olmuş Xosrov hadisəni Şapura açaraq Şirindən şikayət edir. Şirin də etdiyindən peşman olur və Şapuru axtarmağa başlayır. Qoca rəssam aşiqləri barışdırmaq və qovuşdurmaq üçün tədbir tökür. Şaha rəsmi olaraq evlənəcəyini Şirinə söz verməyini təklif edir; Şirinə də nikah kəsilməmiş saraya gəlməyə razılaşmağı məsləhət görür. Nəhayət, sevgililər görüşürlər. Görüşmə səhnəsi sarayda baş verir. Bu səhnəni XII əsrin şairi hər hansı müasir bəstəkar və rejissorun qibtə edə biləcəyi bir ustalıqla təsvir edir: Məşhur sazəndə Barbədin də daxil olduğu çalğıçılar dəstəsi hissləri coşduran minbir hava çalıb-oxuyur. Artistlərdən biri Xosrovun, o biri Şirinin dilindən öz aralarında aşiqanə bir deyişmə keçirirlər. Bu qarşılıqlı şerləşmənin ən qızğın vaxtında yan otaqdan Şirinin məlahətli səsi eşidilir. Hamı bir anda susur. Xosrov eyni melodiya üstə Şirinə cavab verir. Əvvəlcə iki otaq arasında cərəyan edən bu qarşılıqlı “təğəzzül” Şirinin birdən səhnəyə çıxması ilə daha da güclənir. Sevgililər birlikdə eyni ahəng üzərində oxumağa davam edirlər. Bu “duet” səhnəsi əsərin ən emosional hissəsinin təşkil edir. Bu vəziyyətdə görüşən “gəncləri”, şair rəsmi surətdə toy edərək evləndirir. Burada hekayənin məcusi dövrünə aid rəvayəti bitir. Sənət baxımından da əsər burada bitməli idi. Lakin Nizami dindar bir müsəlmandır. Onun üçün “Xosrov və Şirin” əfsanəsini burada kəsib İslamdan sonrakı rəvayətlərin təsirli hissələrini qələmə almamaq qeyri-mümkündür. Buna görədir ki, şair mənzuməsini Xosrov Pərvizə Məhəmməd peyğəmbərin məktubuna qarşı etdiyi hörmətsizliyin cəzasını çəkdirmədən tamamlamamışdır. Xosrov Şirinlə evləndikdən və bərabər bir neçə il səltənət sürdükdən sonra taxtı bizanslı Məryəmdən olan oğlu Şiruyəyə tapşıraraq istirahətə çəkilir. Lakin istədiyi istirahətə nail olmur: analığı Şirinə aşiq olan Şiruyə atasını gecə yuxuda ikən yatağında xəncərlə öldürtdürür. Şirin ud ağacından bir beşik düzəltdirir, qızıla tutdurduğu bu beşiyi qiymətli daşlarla bəzətdirir. Qədim Kəsra adətinə görə, padşahın meyidini bu beşiyə qoyaraq, uşaq kimi yelləyir. Sonra bu tabutu “padşahların” çiyinləri üstündə Xosrov üçün hazırlanmış türbəyə gətirirlər. Padşahın çalğıçısı Barbəd mizrabını qırır, xanəndəsi Nəkisa qavalını parça-parça edir; vəziri Büzürgümid söyüd kimi titrəyir. Matəm mərasimi böyük bir ah-zar içində hərəkətə gəlir. Başı açıq cariyələr və xidmətçilər arasında Şirin nazlı-nazlı yeriyir. Gözlərindəki sürməsi, yanaqlarındakı ənliyi, dodaqlarının allığı və gərdəninə tökülmüş saçları ilə o, gözəlliyinin cazibəsini daha da artıraraq yeriyir. Başındakı sarı örpəyi və əynindəki al geyimi ilə baxanları bihuş edir. Hər kəs bu halda əri Xosrovun ölümündən Şirinin məmnun qaldığını güman edir; bu görünüş xüsusən Şirinin yeni vurğunu, ata qatili Şiruyəyə ümidlər bəxş edir. Matəm dəstəsi türbə önündə dayanır. Təzə bir gəlin kimi təravətli olan Şirin cənazə ilə bərabər türbənin içinə daxil olur, arxasınca qapını bağlatdırır. Padşahın cənazəsi üstünə gəlir və fəryad qopararaq əlindəki xəncəri öz köksünə sancır; tökülən isti qanı ilə sevimli ərinin soyuq cəsədini isidir. Bayırdakılar fəryadı eşidib türbəyə girirlər və “vücudun vücuda, ruhun da ruha” qovuşduğunu görürlər. Aşiq ilə məşuq bir məzarda dəfn edilir. Şairə görə, Şirinin bu hərəkəti misilsiz bir fədakarlıq və nadir vəfadarlıq nümunəsidir. Odur ki deyir: Ke coz Şirin ke dər xak-e doroşt əst, Kəsi əz bəhr-e kəs xod-ra nə koştəst! Türkcəsi: Bu dünyada Şirindən başqa heç bir Adam başqası üçün ölməmişdir! * * * * * * Leyli və Məcnun Ey nam-e to behtərin sərağaz, Bi nam-e to name key konəm baz?! (Ey adı ən yaxşı başlanğıc olan, Sənin adın olmadan naməni neçə aça bilərəm?! – red.) Əslində bir ərəb əfsanəsi olsa da, işləndiyi ədəbi forma baxımından, bu mövzunun Azərbaycanla sıx və ənənəvi bir əlaqəsi vardır. Azərbaycanın qədim hökmdarlarından Şirvan şahı Axsitan bu mövzunun nəzmə alınmasını arzu etmişdir. Azərbaycanın böyük şairi gəncəli Nizami bu arzuya əsasən onu ilk dəfə farsca işləyərək nəzmə çəkmişdir. Sonralar, Nizaminin bu əsərinə farsca və türkcə yazılan bənzətmələr arasında özünəməxsusluğu və dəyəri etibarilə, türk ədəbiyyatının böyük nümayəndəsi, həmçinin azəri şerinin dahi ustadı Füzulinin yazdığı “Leyli və Məcnun” poeması müstəsna bir yer tutmaqdadır. Nəhayət, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (Hacıbəyovun – red.) sayəsində bu mövzuya musiqi yazılaraq opera yaradılmış və Azərbaycan səhnəsinin repertuarında “həmişəbaharlığını” itirməyən əsərlərdən olmaqla, bu klassik mövzunun geniş xalq kütlələri tərəfindən də mənimsənilməsinə və böyük bir şöhrət qazanmasına səbəb olmuşdur. “Leyli və Məcnun” operası təkcə Azərbaycan səhnəsində qalmayaraq, başqa dillərə, o cümlədən, bu yaxınlarda ruscaya tərcümə edilmişdir. Hicri 584-cü il rəcəb ayının sonunda (miladi 1188-ci il sentyabr ayının sonunda) 4613 beytdə Nizaminin qələmə aldığı bu eşq dastanının qısa məzmunu aşağıdakılardan ibarətdir: Ərəbistanda, Amiri qəbiləsinin şeyxinin övladı olmurdu. Bir çox yalvarış və dualardan sonra Tanrı ona bir oğul bəxş edir. Gözəlliyi ilə qonşu qəbilələr arasında da məşhur olan bu uşağa Qeys adı verirlər. Qeysi böyük bir qayğı ilə bəsləyirlər. Onun yaxşı tərbiyə alması üçün heç bir maddi və mənəvi şəraiti əsirgəmirlər. Yaşı ona çatdıqda Qeysi bir məktəbə verirlər. Məktəbdə müxtəlif qəbilələrdən oğlanlı-qızlı çoxlu şagirdlər vardır. Bunlar arasında Amirilərə qonşu olan qəbiləyə mənsub gözəl bir qız var – Leyli. Qeys ilə Leylidə qarşılıqlı bir meyl oyanır. Getdikcə güclənən bu meyl əvvəlcə səmimi bir dostluğa, sonra da alovlu sevgiyə çevrilir. Günü-gündən artan bu sevgi, çox keçmədən, qarşısıalınmaz bir eşq şəklini alır. Uşaqların bu qarşılıqlı vurğunluğu yoldaşlarının diqqətini çəkərək, söz-söhbət mövzusuna çevrilir; nəticədə gənclərin adları dillərə düşür. Yoldaşları Qeysə, Leyliyə vurğunluğu üzündən göstərdiyi qəribəliklərlə əlaqədar olaraq, “Məcnun” – deyə müraciət edirlər. Bu ləqəb ağızdan-ağıza keçərək, Qeys adını tamamilə unutdurur. Artıq haqqında danışılan Qeys ilə Leyli deyil, Məcnun ilə Leylidir. Leylinin ailəsi məsələni bilən kimi qızlarını məktəbə getməyə qoymur. Leyli evə bağlanmış, artıq Məcnun ilə görüşə bilmir. Lakin Məcnun sevgilisinin ayrılığına tab gətirmir. Hər gün Leylinin yaşadığı məhəlləyə gedərək, uzaqdan da olsa onu görməyə və “kuyi-yardan buy” almağa çalışır. Övladının bu halını görən Amiri şeyxi qəbilənin ağsaqqallarından bir neçəsini də götürüb, Leylinin atasının yanına gedir, onun qızını öz oğlu üçün istəyir. Amma “yox” cavabı alır. Ona: “oğlun məcnundur, biz yeganə qızımızı dəli kimi ad çıxarmış birisinə necə rəva görüb verə bilərik?” – deyirlər. Məcnunun atası ümidsiz halda Leyligilin evindən geri qayıdır. Bu mənfi cavab Qeysin “məcnun”luğunu daha da artırır. Məcnun xəstələnir. Atası onu Həccə aparır, Kəbəyə üz tutub oğlu üçün şəfa və səadət diləyir. Lakin zəhməti hədər gedir. Eşq dərdi əlac götürmür. Məcnun özündən keçmiş bir halda hər gün Leylinin məhəlləsinə gedir, saatlarla gözləyir, sevgilisini görmək üçün fürsət axtarır. Leylinin adına qəzəllər qoşaraq təsirli bir səslə oxuyur. Bu qəzəllər ağızdan-ağıza dolaşaraq qəbilələr arasında yayılır. Leylinin yaşadığı məhəllənin əhalisi “Məcnun”un bu halından təngə gəlir. Onlar öz heysiyyətlərini təhqir olunmuş hesab edirlər: dəlinin biri onların qəbiləsindən olan qızın məsum adını dilə-dişə salmış, mahnılara mövzu etmişdir. Qəbilə cavanlarının bir neçəsi bu “dəlinin şərini dəf etmək” qərarına gəlirlər. Amiri şeyxinə xəbər göndərirlər ki, Məcnunun ayağını məhəlləmizdən kəs, yoxsa onu öldürəcəyik. Şeyx oğluna öyüd verir. Amma öyüdlə qarşısı alınacaq halda deyil. Hər halda fəlakətin önünü almaq üçün – Məcnunun Leylinin yaşadığı səmtə getməməsi üçün tədbirlər görülür. Bu dəfə Leyli Qeysi görməyə və axtarmağa cəhd edir. Məhəllə qızları ilə bərabər bir xurmalığa çıxır. Burada uzaqdan-uzağa olsa da, Leyli də Məcnun kimi ayrılıq dərdi ilə ah-fəğana başlayır. Bu zaman İbn Salam adlı bağdadlı bir tacir Leyliyə elçi gəlir. Valideynləri “hə” desələr də, toy üçün möhlət istəyirlər. Qızlarının səhhəti bunu tələb edir. Bu xəbər Məcnunun dərdini daha da artırır. Nofəl adlı igid bir sərkərdə Məcnunla dostlaşır. Ona təsəlli verir. “Leylini necə olursa-olsun sənə alacağam”, – deyir. Nofəl qoşun toplayıb Leylinin qəbiləsinə hücum edir. Leylini Məcnun üçün istəyir. Rədd cavabı aldıqda hərbə başlayır. Döyüş çətin bir nöqtəyə çatır. Leylinin qəbiləsi güclü müqavimət göstərir. Vəziyyəti belə görən Nofəl barışığa əl atmalı olur, “biz sizdən qızı könül xoşluğu ilə istəməyə gəldik, qan tökməklə yox” – deyə sülh təklif edir. “Bal vermirsiniz, barı sirkə də verməyin”, – deyir. Nofəl əsgərləri ilə geri çəkilir. Bu vəziyyəti görən Məcnun Nofəli tənələyir: “Sən mənə Leylini alacaqdın, onun məhəlləsinə getmək imkanını da aradan qaldırdın. Əhdini beləmi yerinə yetirdin?” – deyir. Nofəl dostuna təsəlli verir: “Bu, vaxt qazanmaq üçün bir fənd idi” – deyir. “Sözümü yerinə yetirib qızı mütləq sənə alacağam” – deyə Məcnuna yenidən ümid verir. Bu dəfə Nofəl “Mədinədən Bağdada” qədər adamlar göndərir, daha böyük bir qüvvə toplayır. Yenidən Leylinin qəbiləsinin üstünə gəlir. Qanlı bir vuruş başlayır. Döyüşün gedişində Məcnunun tutduğu mövqe qəribədir. O, özü üçün vuruşanların deyil, əks-tərəfin qələbəsi üçün dua edir. Əks tərəfdən ölənlərin başlarını dizləri üstə alıb oxşayır. “Bu nə deməkdir?” – deyə soruşanlara “yar tərəfin məğlubiyyətini necə istəyim?!” – deyə cavab verir. Döyüşün ən şiddətli və kəskin vaxtında Leylinin atası Nofəlin yanına gəlir və deyir: “Nə istəyirsən edim. Qızımı kimə istəyirsən ver, razıyam. Amma övladımı dəlinin birinə vermək üçün israr etmə! Israr etsən, gedib başını kəsər, bədənini itlərə yem edərəm. Sərsəri bir dəliyə qismət olmaqdansa, qoy onu köpəklər yesin!”. Atanın bu kəskin sözləri ilə Məcnunun vuruş zamanı göstərmiş olduğu, doğrudan da, dəlicəsinə hərəkətləri zehnində qarşılaşdıran Nofəl fikrə gedir: təklifi yaxşı bir fürsət sayaraq, o saat döyüşün dayandırılmasını əmr edir. Çünkü vuruşun mənasız olduğuna inanmağa başlayır. Bu hadisədən sonra insanlardan büsbütün üz döndərən Məcnun, qəbiləni tərk edib çöllərə düşür. Özbaşına sərgərdan şəkildə dolanarkən Məcnun İbn Salamın Leyli ilə evlənməsi xəbərini alır. Bu xəbərlə can evi xaraba qalan Məcnun Leylinin vəfasızlığı barədə yanıqlı qəzəllər söyləyir. Bu arada atası oğlunu tapır, bir daha öyüd verir, evə çağırır. Bu, onun oğlu ilə son görüşü olur. Məcnun atasının ölüm xəbərini alır. Məzarı üstünə gəlir, mərsiyyələr deyir. Yenidən çöllərə düşür. Məcnunun artıq insanlara heç bir bağlılığı qalmamışdır. Oturub-durduğu yalnız heyvanlardır. Çölün vəhşi heyvanları ona alışmışlar, onun dalınca düşüb hər cür təhlükədən qoruyurlar. Quşlar ondan hürkmür, üstünə kölgə salır, başına, çiyinlərinə qonurlar. Ilanlar-çayanlar belə ona xətər yetirməyib diqqət göstərirlər. Yalnız heyvanlar deyil, ağaclar da onunla danışır, həsbi-hal edirlər. Bütün kainat onunla dost və aşinadır. Göydəki ulduzlar da onu anlayan “müsahiblər”idir. Beləcə insanlardan və insani əlaqələrdən tamamilə uzaqlaşaraq özünü təbiətə vermiş, tam şəkildə təcrid olunmuş bir vəziyyətdə ikən Leylinin yanından qasid gəlir və ona bir məktub verir. Bu məktubda Leyli sözdə ərə getsə də, əslində Məcnuna sadiq qaldığını, könlünün daim onunla bir olduğunu bildirir. Dayısı ilə anası Məcnunu görməyə gəlirlər. Onu evə çağırırlar. Anası: “oğlum, gəl, başsız qalmış ailənə böyüklük et!” – deyir. Faydası olmur. Qayıdandan sonra dayısı ölür. Anası bir də oğlunun yanına gəlir, yenə nəsihət verir, evə qayıtması üçün yalvarır. Amma əbəs... Ana məyusluq içində geri dönür. O da vəfat edir. Məcnun anasının məzarı üstünə gəlir. Ağladıqdan və mərsiyyələr söylədikdən sonra yenidən ətrafındakı heyvanlarla birlikdə çöllərə dönür. Leyli fürsət tapıb Məcnunu axtarmağa başlayır. Bir çəmənlikdə olarkən ona xəbər göndərir. Görüşürlər. Platonik bir görüşdən ibarət olan bu səhnədə Məcnun Leyliyə şer oxuyur. Vaxt çatanda təzədən ayrılırlar. Leyli ərinə qəlbən bağlı olmasa da, şəriət baxımından bir qəbahət işlətməyi də özünə rəva görmür. Məcnun isə həqiqi aşiqdir; bu eşqdə qərəzə yer yoxdur. Burada şair Məcnunu qəlbən anlayan iki hal əhli ilə tanış edir. Bunlardan biri bağdadlı Salamdır ki, başına gələn macəradan, eşqin nə olduğundan xəbəri vardır. Bu şəxs Məcnunun halını bilib onu ziyarət etmiş, dediyi şerləri yazıya alaraq Bağdada aparmış və ədiblər arasında yaymışdır. Ikincisi də, əmisi qızı Zeynəbə aşiq ikən arzusuna yetməmiş Zeyddir ki, Məcnunla yaxınlaşaraq onu duymuş və ona ürəkdən xidmət etmişdir. Ibn Salam Leylidən muradını almadan xəstələnib ölür. Ərəb adətinə görə, dul qalmış Leyli hamıdan ayrılıb özü-özü ilə qalmaq imkanı əldə etmişdir. Leyli üzdə ölən ərinə, əslində isə sevdiyi yarından ayrı düşməsinə doyunca ağlayır. Nəhayət, Zeyd gəlib İbn Salamın öldüyünü Məcnuna xəbər verərək, indi azad olmuş Leylinin onu qovuşmağa çağırdığını yetirmişdir. Zeydin bələdçiliyi və arxasınca hərəkət edən heyvanlardan ibarət məiyyəti ilə Məcnun Leylinin çadırına gəlir, yar tərəfindən qarşılanır və şairin misilsiz bir qələmlə təsvir etdiyi kimi, iki sevgili bir-birinə sarılırlar, özlərini unudub məst və bihuş düşürlər. Məcnun getdikdən sonra Leyli xəstələnir. Ölüm ayağında anasına deyir ki, əgər Məcnun gəlsə, deyərsən Leyli ölərkən səni istədi. Leylinin son sözləri də bu olur. Məcnun vəfalı dostu Zeydin bələdçiliyi ilə Leylinin məzarı başına gəlir, günlərlə ağlayır, torpağı öpür, başına sovurur, öz-özünü döyəcləyir. Nəhayət, sevgilisinə qovuşmaq üçün ruhunu təslim edir. Bu kədərli mənzərə Nizami tərəfindən çox təsirli bir tablo kimi təsvir edilmişdir. Bu qəmli hekayət belə qəmli bir ehtimalla sona yetir. Aşiq özündən ayrı təsəvvür etmədiyi məşuquna qovuşmaq üçün o biri dünya yolunu tutur, həyatı tərk edir. Bu vəziyyətdə Məcnunun əhatəsində olan heyvanlar da dağılışıb təbiətlərinin tələb etdiyi səmtlərə üz tutmuşlar. Zeydin təşəbbüsü və qəbilə əhalisinin iştirakı ilə Məcnunu Leylinin yanında bir məzarda dəfn edirlər. Iki pak sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyarətgaha çevrilir. Az sonra Zeyd yuxusunda Məcnun ilə Leylini cənnətdə, gözəl bir qəsrdə, qol-qola, nəşə, sevinc və səadət içində görür. Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış, fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Adi insanların “Məcnun” adlandırdıqları Qeys özündən keçmiş bir mömin, bir mücahiddir. Fəna – fillahlığın və ya ideal vurğunluğunun bir təcəssümüdür. Bu surət Şərq ədəbiyyatının, Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və formalarda təkrar etdiyi bir aşiq obrazıdır. Eynilə, Nizaminin digər əsərində, Sasani padşahı Xosrovun rəqibi Fərhadın Şirinə olan bağlılığı da bu növdəndir. Məcnunun məhz belə bir timsal olduğu fərağət, təcərrüd və qənaətdən ibarət “dəlilik” həyatında rast gəldiyimiz bir çox hərəkət və ifadələri ilə də sübut olunur. Belə tutarlı misallardan biri yuxarıdakı xülasədə qeyd olunmuşdur. Nofəlin qoşunu ondan ötrü vuruşduğu halda, Məcnun Leylinin qəbiləsinin qələbəsinə dua edir. Fədakarlıq və məhəbbətin dəli bir ifadəsi olan bu kimi sirli hallar, Məcnun tərəfindən müxtəlif şəkillərdə göstərilir. Məsələn, bir kağızda Leyli ilə Məcnunun birgə şəklinin çəkildiyini görən Məcnun dərhal Leylinin əksini pozur. Səbəbini soruşurlar. “Biz iki deyil, birik” – deyir. “Elə isə bəs niyə özünü yox, onu pozursan?”. “Çünkü o ruhdur, mən qəlib; ruh qəlibimdə gizlənir”. Zeyd ona rəqibi İbn Salamın öldüyünü xəbər verdikdə: “ömrünü sənə bağışladı” deyir. Məcnun dərhal: “Olmadı, Zeyd, səhv etdin, mənə yox, Leyliyə bağışladı deməliydin” – deyə düzəldir. Zeyd ona: “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud deyil, iki qəlibdə bir can olduğunu elə səndən öyrəndiyim üçün, “İbn Salam ömrünü Məcnuna bağışladı” – deməklə, “Leyliyə bağışladı” demək arasında fərq görmürəm” – deyə izah etdikdə, Məcnun Zeydi haqlı sayır və onun özünü, həqiqətən, başa düşən bir dost olmasından razı qalır. Böyük və ülvi eşqin bəxş etdiyi qüvvə və ilhamdan məhrum adi adamların yetə bilmədikləri məqama çatan Məcnunun vəhşi və yırtıcıları özünə ram etməsi, şübhəsiz, dastanı zinətləndirən bir bəzəkdir. Amma Nizami özünəməxsus misallarla bu “bəzəy”in “doğru”ya bənzədiyini bizə təlqin edir. Məcnun onun üçün gətirilən yeməkləri başına toplanmış heyvanlara yedirtmək və amansız ovçuların toruna düşmüş heyvanları tapdıqca azad etmək yolu ilə onların etimad və sevgilərini qazanmış, onlarla dost olmuşdur. Belə bir dostluq, Nizamiyə görə, mümkündür. Budur, həmin müddəanı sübut edən məsəl: Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi günahkarları bunlara atıb parçalatdırarmış. Gənc və ağıllı bir nədim günlərin birində şahın onu da köpəklərə atdırması ehtimalını fikirləşərək, tədbirli tərpənir: itlərə baxan adamla dostluq edir və onun icazəsilə hər gün köpəklərə yal verir. Bir gün, nəhs bir saatda, heç nədən padşahın nədimə qəzəbi tutur və onun köpəklərə atılmasını əmr edir. Qəzəbi soyuduqdan sonra etdiyinə peşman olmuş padşah itlərə baxan adamı çağırıb zavallı nədimin əhvalını soruşur. O, padşahı köpəklərin saxlandığı yerə gətirir. Padşah nə görsə yaxşıdır?! – nədim yırtıcı itlərin arasında sağ-salamat oturub heyvanlarla oynayır. Padşah dərhal nədimi hüzuruna gətirdir: – Bu nə möcüzədir?! – deyir. – Padşahım, bunun nəyi möcüzədir ki?! Burada heyrət ediləcək bir şey yoxdur. Heyvanlar insanlardan daha həssas və daha qədirbiləndirlər. İllərlə sənə sədaqətlə xidmət etdim. Heç bir şey üçün hər şeyi unutdun və dərhal qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər ara-sıra onlara etmiş olduğum yaxşılığı unutmadılar, gördüyün kimi, canıma qıymadılar. * * * * * * Həft peykər ("Yeddi gözəl") Ey cəhan dide xiş əz to Hiç budi nəbud piş əz to. (Ey dünyanın özünü səninlə gördüyü, Səndən əvvəl heç bir varlıq yox idi! – red.) Hicri 593-cü il ramazanın 14-də (miladi 1197-ci il iyulun 31-də) yazılmış bu mənzumə 4.968 beytdə Marağa hökmdarı Ağsunquri padşahı Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur. Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər. Amma şair özü əsərinə “Həft peykər” adı vermişdir. Verəcəyimiz xülasədən görünəcəyi kimi, bu ad daha təbii və daha uyğundur. Əsərin məzmunu budur: Sasani padşahı Yəzdigürdün Bəhram adlı bir oğlu olur. Münəccimlərin tövsiyyəsinə əsasən Ərəbistanda tərbiyə edilməsini istəyən atası Bəhramı Yəmən hökmdarı Münzərin yanına göndərir. Münzər qonağı olan şahzadənin rahatlığını təmin etmək üçün hər cəhətdən qayğı göstərir. Məşhur Rum memarı Simnarı dəvət edərək İran şahzadəsi üçün xüsusi Xəvərnəq qəsrini tikdirir. Bu qəsr, şair təsvir etdiyinə görə, sənətin misilsiz bir nümunəsidir. Onun bütün dünyaya yayılmış bir qəribəliyi varmış: günün müxtəlif saatlarında günəş şüalarının dəyişən təsiri altında qəsr müxtəlif rənglərdə görünərmiş. Bu qəsrin dünyada tayı-bərabəri yoxdu və ola da bilməzdi: çünki başqa bir beləsini tikməsin deyə, Yəmən hökmdarı Xəvərnəqi tikmiş yunan memarını öldürtdürür. Iran şahzadəsi Yəməndə yaxşıca böyüyür, ova çıxır, “gur” ovlamaqda məşhur olur. Bunun üçün ona Bəhram-Gur deyirlər. Bəhram-Gurun qəhrəmanlığı yalnız gur ovlamaqla məhdudlaşmır, ən yırtıcı heyvanları da məğlub edir. Qorxulu bir mağaraya girir, əsatiri əjdahanı öldürür və buradakı əfsanəvi xəzinələri əldə edir. Bir gün şahzadə Xəvərnəq qəsrinin bağlı otaqlarından birini açır. Bu əsrarəngiz otaqda sənətkar bir əl tərəfindən çəkilmiş bir tablo önündə heyran qalır. Burada özünü yeddi iqlimin şahzadələri arasında görür. Otağın açarını özündə saxlayır. Bəhram-Gur arabir dincəlmək üçün bu otağa gəlməyi adət edir. Yəzdikürdün ölüm xəbəri alınır. Bəhram-Gur İran taxtına çıxmaq üçün yola hazırlaşır. Birdən belə bir xəbər yetişir: İranın dövlət adamları yad bir məmləkətdə tərbiyə edilmiş, yurdundan uzaqda böyümüş bir gəncin İrana yaxşı bir padşah ola bilməyəcəyi üçün öz aralarında bir “piri-dana”nı taxta çıxarmışlar. Bəhram ərəb dostlarından güclü bir ordu toplayaraq öz haqqını geri almaq üçün sərhədə yaxınlaşır. Irandan gəlmiş bir heyət onu qarşılayır. Heyət şahzadəyə yürüşdən əl çəkməsini və ölkəni qardaş qırğınına cəlb etməməsini təklif edir. – Atanın günahıdır ki, səni yad tərbiyəsinə verdi, – deyirlər. Bəhram təklifi rədd edir. Özünün taxta varis olduğunu irəli sürür. Qorxduqları qan tökülməsinin qarşısını almaq üçün isə orijinal bir şərt qoyur: – İran tacı iki yırtıcı aslanın arasına qoyulacaq; kim onu şirlərin pəncəsindən alacaqsa, o da taxta çıxacaqdır. Heyətin ağıllı hesab etdiyi bu təklifin yerinə yetirilməsi nəticəsində Bəhram-Gur İran taxtına sahib olur. Bəhramın hökmranlığı zövq və səfa içində, eşq oyunları ilə keçir. Həftənin altı gününü eşq və səfaya sərf edir, yalnız bir günündə məmləkət işləri ilə məşğul olur. Məmləkətdə quraqlıq baş verir, qıtlıq olur; fəlakət dörd il davam edir. Bu ağır illərdə Bəhram xalqın dadına yetir. Ehtiyacı olanlara dövlət anbarından ərzaq paylayır. Bununla da xalqın məhəbbətini qazanır. Bu zaman Çin xaqanı İrana hücum edir. Içki, kef və əyləncələrə alışmış iranlılar hərbçiliyi yadırğamışlar. Çin xaqanını İranın üstünə gəlməyə cəsarətləndirən də əslində budur. Amma Bəhram şəxsi şücaəti, qeyrəti və əhalini müharibəyə təşviq etməsi sayəsində məmləkətin müdafiəsini təmin edir. Qələbə çalır. Bu hadisədən sonra Bəhram, İran böyükləri ilə bərabər, Xəvərnəq qəsrini yenidən görməyə gedir. Onlar “Yeddi gözəl” tablosuna tamaşa edirlər. Bəhram tablodakı gözəlliyi həyata keçirmək istəyir. Dövlət adamlarının razılığı ilə Bəhram yeddi iqlimin hərəsindən bir gözəl gətirtməyə başlayır. Hər iqlimdən bir şahzadə alır. Onları özünəməxsus şəkildə tikdirdiyi yeddi qübbəli sarayda yerləşdirir. Hər iqlimin gözəlinə sarayın ayrı-ayrı otaqlarında yer verir. Bütün qışı başı bu gözəllərin dizində, nağıl dinləmək və kefə baxmaqla keçirir. Şair yeddi rəngli bu qübbələr altında hər iqlimin öz tipindəki bir gözəlin dililə Bəhrama danışdırdığı hekayətləri tərifi mümkün olmayan bir zəriflik və sehrli bir sənətkarlıqla təsvir etmişdir. Həftənin yeddi günü, yerin yeddi iqlimi, gözəl tipinin yeddi özünəməxsusluğu, yeddi planetin rəmz və təsirilə, yeddi rəngə uyğun fərqli ştrixlərlə canlandırılan bu hekayətlərdə, şair sənətkarlığının orijinallığını təşkil edən eşq əfsanəsinin ən parlaq tablosunu çəkmiş, təxəyyülünə geniş bir uçus imkanı vermişdir. Sənətin bütün incəliklərini nəzərdən qaçırmayan şair, eyni zamanda, öz mistik və didaktik ruhuna sadiq qalaraq, bu oynaq əsərində də, filosofluğundan irəli gələn yol göstərmək vəzifəsini unutmamışdır. Bəhram “Həft peykər” işrətindən ayrılmağa fürsət tapıb ova çıxdıqda bir çobanın zavallı bir köpəyi ağaca bağlayaraq döyməkdə olduğunu görür və çobandan: – Bu nədir? – deyə soruşur. Çoban izah edir. – Padşahım, – deyir, – mən indi gördüyün kimi bir çoban deyil, əvvəllər bütöv bir qoyun sürüsünün sahibi idim. Sürünü bu köpəyə etibar etmişdim. Köpək də öz vəzifəsini yaxşı yerinə yetirər, qoyunları qurdlardan qoruyardı. Günlərin bir günü qoyunların azaldığını duydum, əhəmiyyət vermədim. Az sonra baxıb qoyunların xeyli azaldığını gördüm. Nəhayət, işdən şübhələndim. Necə olsa da, məsələni aydınlaşdırmaq qərarına gəldim... Padşahım, nə görsəm yaxşıdır? Dişi bir canavar müntəzəm olaraq sürüyə gəlir. Köpək bu dişi canavarla cütləşir, arzusuna yetişdikdən sonra qoyunlardan bir neçəsini aparmasına mane olmur. Köpəyin bu qəflət və xəyanətinin nəticəsidir ki, mən mötəbər bir sürü sahibi ikən, indi belə səfil bir çoban vəziyyətinə düşmüşəm. Buna görə də kefə dalaraq vəzifəsini unutmuş bu xainin cəzasını verirəm... Çobanın söhbəti padşahın gözlərini açır. Vəziyyəti ciddi və şüurlu təhlil edir. Məlum olur ki, özü nağıl dinləyib həftənin yeddi gecəsini yeddi gözəlin ağışunda keçirdiyi zaman məmləkətin idarəsini tapşırdığı vəzir göstərdiyi zülmlə əhalini zara gətirmişdir. Vəziyyəti belə görən padşah dərhal ədalət qapısını açır, “kimin idarədən şikayəti varsa, gəlsin, söyləsin” – deyir. Şair yeddi gözəlin söylədikləri yeddi novellaya həmahəng olaraq yeddi şikayətçini zalım vəzirdən şaha şikayətə gətirir. Padşah şikayətçiləri tam diqqətlə dinləyir; onları dərhal razı salır və nəticədə zalım, xalqın gözü qarşısında layiq olduğu bir şəkildə cəzalandırılır. Padşahın kefə qurşandığı qəflət günlərindən istifadə edərək, Çin xaqanı yenidən İrana qarşı topladığı ordu ilə sərhədə qədər gəlmişdi. Amma Bəhramın qəflətdən ayılıb zalım vəziri cəzalandırması xəbərini alan kimi hücumdan vaz keçir, əksinə, İranla dostluğunu elan edir. Bu hadisədən sonra Bəhram yeddi gözəlin qucağını tərk edib ədalət gözəlinin əlinə verir: Peykər-e ədl çun be dide-ye şah Ebrət əngixt əz səpid-o-siyah Şah kərd əz cəmal-e mənzər-e u Həft peykər fəda-ye peykər-e u. Rəvayət “qissədən hissə alan” Bəhramın dünyadan getməsini bir sirr pərdəsinə bürümüşdür. Məiyyətilə birlikdə ova çıxan Bəhram, yanındakılardan aralanıb bir mağaraya girir və burada qeyb olur. Nə qədər axtarırlarsa da bir daha tapılmır. “Həft peykər” dastanının təsəvvüfdəki yeddi “süluk” anlayışı ilə əlaqəsi olduğunu qəbul edənlər vardır. Bu qənaətdə olanlar üçün Bəhramın qeyb olmasında, şübhəsiz, sufiyanə bir rəmz görünə bilər. Bu cür olmasa belə, Bəhram-Gur dastanındakı “Yeddi gözəl” novellalarının, təsəvvüf sisteminə də təsir göstərmiş Assur-Babil mədəniyyətindən gələn qədim saibi (ulduza etiqad) dini və astronomik təsəvvürü ilə əlaqədə olması inkar edilə bilməz. Bu sistemdə həftənin yeddi günü yeddi səyyarənin adı ilə adlanırdı. Assuriyalılar bu ulduzlara sitayiş edirdilər, onların adına ayrı-ayrı məbədlər tikmişdilər. Bu allah-ulduzlar aşağıdakılardır. 1. Zühəl (Keyvan) = Saturn; 2. Müştəri = Yupiter; 3. Mərrix = Mars; 4. Şəms (günəş) = Sonn (Soley); 5. Zöhrə = Venera; 6. Ütarid = Merkuri; 7. Qəmər (ay) = Mond (Lune). Avropa dillərindəki gün adlarında bu qədim Assur ilahələrinin izləri görünməkdədir. Məsələn, almanca “monntaq” ilə fransızca “lundi” (bazar ertəsi) – Ayı; fransızca “mardi” (çərşənbə axşamı) – Marsı, yəni Mərrixi; “merkredi” (çərşənbə) – Merkuri, yəni Ütaridi; “jeudi” (cümə axşamı) – Yupiter, Müttərini; “vendredi” (cümə) – Venera, yəni Zöhrəni; ingiliscə “sətidi” (şənbə) – Saturn, yəni Zühəli; almanca “sonntaq” (bazar) da Günəşi xatırlatmaqdadır. Bəhramın yeddi iqlimdən aldığı gözəlləri, Nizami, bu iqlimlər üzərində qədim astronomiya elmində təsirləri təsəvvür olunan səyyarələrin təbiət və xüsusiyyətlərinə uyğun bir şəkildə təsvir etmişdir. Belə ki, yeddi gözələ ayrılan gümbəzlərin rəngləri həftənin yeddi gününün – qədim insanların təsəvvürüncə, göyün yeddi təbəqəsində yerləşmiş olan yeddi planetin zənn edilən rənglərinə müvafiqdir. Eyni zamanda, bu gümbəzlərdə oturan gözəllər də, yuxarıda işarə edildiyi kimi, yeddi rəng ilə bağlı səyyarələrin təsirləri altında olan iqlimlərin qızlarıdır. * * * * * * İsgəndərnamə Xodaya, cahan-padşahi torast, Ze ma xedmət ayəd, xodayi torast! (İlahi, dünya şahlığı sənə mənsubdur, Biz xidmət etməliyik, sahiblik sənə mənsubdur! – red.) “İskəndərnamə” hicri 597-ci ildə (miladi 1200-cü il) Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr Məhəmmədin adına yazılmışdır. Bu dastan yunanca orijinalı itdiyi halda, Şərq dillərində tərcüməsi mühafizə olunmuş Yunanıstanlı Klastinesin uydurma kitabından götürülmüşdür. Öz adəti üzrə Nizami, müxtəlif qədim və yeni qaynaqlardan toplayaraq işlədiyi bu süjeti 10 540 beytlik bir məsnəvi halına salmışdır. “İskəndərnamə” iki hissədən ibarətdir. 6896 beytlik birinci hissə “Şərəfnameyi-İskəndəri”, 3644 beytdən ibarət olan ikinci hissə “İqbalnameyi-İskəndəri” adlanır. Hər iki hissə, çox güman ki, bir-birinin ardınca, fasilə verilmədən yazılmışdır. Nizamidən əvvəl bu süjet məşhur İran şairi Firdovsi tərəfindən qələmə alınmışdır. Nizami də şübhəsiz, bu məsələdən agahdır. Amma məsələ burasındadır ki, Firdovsi İskəndərdən, qədim İran şahlarının tarixindən ibarət olan “Şahnamə”sində qismən bəhs etmişdir. Nizami isə əsərini bütünlüklə, idealizə etdiyi bu qəhrəmana həsr etmişdir. Və xüsusi qeyd etdiyi kimi, mövzunu tamamilə yeni mövqedən qələmə almışdır. “İskəndərnamə”nin məzmununu xülasə etmək üçün əslində şairin öz köməyinə müraciət edəcəyik. O, bunu əsərinin müqəddiməsində mükəmməl bir surətdə etmişdir. On mindən artıq beyti əhatə edən bu nəhəng əsəri barədə Nizami deyir ki, nəzm bəzəyindən ayırd edilsə, “İskəndərnamə”dəki həqiqətləri bir səhifəyə sığışdırmaq mümkündür. Bunu da şair özü etmişdir. Kitabının bütün xülasəsini əvvəlcə bir səhifədə vermişdir. Biz, ustadın ruhuna min rəhmət və təşəkkürlə, bu ecazkar səhifəni oxucularımıza nəql etməklə kifayətlənəcəyik. Bununla da, həm onları yormadan böyük poemanın ruhu ilə tanış edəcək, həm də Nizami şerinin parlaq dili ilə təsvir olunan böyük İskəndərin dünya qədər əngin və xəyal qədər zəngin həyatının xülasəsini vermiş olacağıq: “İskəndər dünyanın dörd tərəfini gəzmiş bir padşahdır. Zərdüşt dinindən başqa, heç bir adət və mərasimə toxunmayaraq Kəyanilərin taxtına çıxmışdır. Yunanıstanda qızıla ilk sikkə vurduran odur. Dəri (qədim fars) dilindəki hikmət kitablarını yunan dilinə o tərcümə etdirmişdir. Güzgünü icad edən odur. Misirliləri zəngibarlılardan xilas etmişdir. Daranın taxt və tacını almışdır. Yer üzünü “hindu qaralığı” və “rus sarılığı”ndan təmizləyərək “gəlin otağı” kimi bəzəmişdir. Çinlilərə gəmiçilik öyrətmiş, Keyxosrova naib olmuşdur. Iyirmi yaşında ikən şahlıq təbili onun adına çalınmış, iyirmi yeddi yaşında ona peyğəmbərlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarixin başlanğıcı sayılmışdır. Din sayəsində insanlara bilik, ədalətli dövlət sayəsində məmləkətlərə dinclik və səadət gətirmişdir. Dinin bir çox hikmətləri, dünyanın saysız-hesabsız tikililəri ondan qalmış nişanələrdir. Hər səfərində dünyanı qaydaya salmış, bir çox mühüm şəhərlər tikdirmişdir. Hindistandan Ruma qədər bir çox imarətlər, karvansaralar və binalar tikdirmişdir. Dərbəndi ilk dəfə “dərbənd” edən odur. Bulqar deyib keçməyin: o da yaranışını İskəndərə borcludur. Yəcuc-Məcuc səddi də onun nişanəsidir. Bunlardan başqa ondan qalma daha o qədər şeylər var ki, deməklə qurtarmaz!”. “Kürəmizi məchulluqdan qurtarmaq əzmi ilə bu mübarək şəxs dünyaya çəlipayi (xaç kimi) bir bölgü vermişdir; xaç əlaməti bizə ondan qalmışdır. Bu dörd bucaqlı xəritə vahidlərinə o, bir ölçü vermişdir. Şimal qütbünə bir, Cənub qütbünə digər bir mismar çalmış, Şərqdən bir, Qərbdən digər bir ip çəkərək bu uzunluq (tul) və en (ərz) içində heç kimin bilmədiyi bir əsas qurmuşdur”. “Dünyanı səyahətə çıxarkən keçdiyi yolları ölçməyə başlamışdır: fərsəx (ağac), mil, mərhələ anlayışları peyda olmuşdur. Xüsusi təyin etdiyi yerölçənlər, yüzlərlə katiblər ip çəkərək ölçü götürmüşlər və quruda hər yerə yetişərək mənzillər (dayanacaqlar – red.) təsbit etmişlər; dənizlərə də gəldikdə, ölçü götürmək yolu tapılmışdır: hazırlanmış iki gəmi bir-birindən ayrı və bir çatı ilə bağlı olduqları halda, bütün sahilləri dolaşaraq, dəniz yollarını ölçmüş və mənzillərini müəyyən etmişlər. Bu səy nəticəsində kürəmiz tamamilə ölçülmüş, onun gördüyü tədbirlər sayəsində yer üzündəki yollar kəşf edilmişdir: hal-hazırda yaşadığımız “Rüb-i məskun”u kəşf edən odur”. “Onun at sürdüyü hər bir ölkə abad olmuş, hər tərəfə ədalət yayılmışdır; (o) dağların, dərələrin ehtiyaclarına baxmış, çarəsini tapmışdır”. Fəqət... “Fəqət ölüm gəldikdə, o da, digər fanilər kimi aciz qalmışdır!..” “İskəndərnamə”nin xülasəsini Nizami bu sözlərlə tamamlayır: “O tac sahibinin tarixindən kara gələni budur. Bunun xaricində qələm nə yazarsa, ya artıqlıq, ya da əskiklikdən qurtulmaz!” “İskəndərnamə”nin əsl “özəyi” həqiqətən bundan ibarətdir. Fəqət şair bu özəyi dolğunlaşdırmış, öz zövqünə uyğun “bəzəmişdir”. Bunu həyata keçirərkən Nizami sənət baxımından olduğu kimi, hikmət nöqteyi-nəzərindən də “İskəndərliyi” idealizə etmişdir. Bu yolda o, bəzən anaxronizmə də yol vermişdir. Məsələn, İskəndəri bir müsəlman kimi Kəbə ziyarətinə gətirmiş, bir türk və ya qafqazlı kimi onu ruslarla vuruşdurmuş, Bərdə hökmdarı gözəl Nüşabəni “rus vəhşilərinin əsatirindən” onun əli xilas etmişdir. Şair özü də anaxronizmi yaxşı başa düşür: necə ki deyir: “Hekayətimdə irəli-geri çəkmələr görsəniz, eyib tutmayın; bundan qaçmaq mümkün deyildir”. XII yüzilliyin mütəfəkkiri Nizami, çox vaxt XIX əsrin filosofu Spencer (Spenser) kimi, sənət lüzumu ilə söylənən “yalan”ı, doğruya ləzzət gətirən “duz” kimi işlətməkdə eyib görmür; çünki “yalana bənzər doğrudansa, doğruya bənzər yalan yaxşıdır”. Nizami təxəyyülünün meyarı məhz budur. Bu meyara (“əndazə”) sadiq qalan şair “İskəndərnamə”ni “Məxzənül-əsrar”dakı hikmətləri, “Xosrov və Şirin” ilə “Həft peykər”indəki bədii ustalığı, “Leyli və Məcnun”dakı psixoloji təhlil ilə yoğuraraq, həm forma, həm də məzmun baxımından yüksək olan monumental əsər yaratmışdır. Elə bir nəhəng əsər ki, onun “nə zaman unutdura, nə yağışlar dağıda, nə də küləklər uçura bilər”. Şairin sözləri ilə desək, İskəndər bir vaxt “Zülmət”də aramış olduğu dirilik çeşməsini, “Beşliyin” sonuncu xəzinəsini təşkil edən bu nəhəng əsərdə, yəni “İskəndərnamə”də tapmışdır. Nizaminin “İskəndərnamə”sindəki ədəbi özünəməxsusluğun tarixi süjeti müasir mənalandırılmasından ibarət olmasına baxmayaraq, şairin orijinallığını təşkil edən lirizmdir. Fateh və islahatçı bir qəhrəmana dair tarixi dastan olmasına baxmayaraq, “İskəndərnamə”də də şairin lirik mövqeyi epik mövqeyə üstündür. Iskəndərin hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi – bir toyla tamamlanır. Iskəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Beş əsərinin xülasəsini bitirərkən, Nizaminin oxucularından rəhmət gözləyən bir diləyini də burada qeyd etmək istərdik: Varaq, varaq yazıb burda bitirdim Qutluluqla sözü sona yetirdim. Şad ola ruhu o kəsin, kim deyə: Nizamiyə Tanrı rəhmət eyləyə! * * * * * * Nizami mövzuları Onu anlamayanlardan şikayət edərkən: Türkcəmi bu həbəşlikdə alan yox, Dovğanı bir yemək deyə sayan yox. Nizami Klassik İran ədəbiyyatı deyildiyi kimi, yalnız farsların sərvəti deyildir. Bu, danışıq dilləri heç də fars dili olmayan müxtəlif millətlərin də iştirakı ilə yaradılmış müştərək bir ədəbiyyatdır. Bu müddəanı mövzuları baxımından mənalandırılan Nizami də bir daha təsdiq etməkdədir. Islamdan sonrakı İran ədəbiyyatı yalnız türk hökmdarları və sülalələrinin himayəsi ilə yaranmış ədəbiyyat deyildir; bu ədəbiyyatı vücuda gətirən tanınmış ustadlar arasında türk xalqlarından olan bir çox şair və mütəfəkkirlər də vardır. Nizami doğulduğu yer (Gəncə) və “bülbüllük etdiyi bağ” (Azərbaycan Atabəyləri sülaləsi) baxımından azərbaycanlıdır. Azərbaycan artıq o dövrdə türklərlə məskun idi. Türkmənlərin Azərbaycanda yerləşməsi XI əsrdə başa çatmışdır. Azərbaycanlı Nizaminin danışıq dilinin türk olması barədə, əksər hallardakı kimi, qaynaqlarda bir aydınlıq yoxdursa da, əsərlərinin diqqətlə araşdırılması bu gəncəlinin fars olmadığını aşkara çıxarır. Digər araşdırmalara əl atmadan, Nizaminin İran ədəbiyyatına “danışıq dili farsca olmayan bir mühitdən gəldiyini” mövzularının tədqiqi və təhlilindən də başa düşmək olar. Nizaminin mövzuları... Diqqətli oxucunun şübhəli baxışlarını sezirik. Bəri başdan deyək ki, bu əngin dəryaya atılmış bir dalğıc vəziyyətində olmaq niyyətində deyilik. Bir türk və bir qafqazlı olduğumuzdan məqsədimiz, yalnız bizi maraqlandıran bir neçə məsələ üzərində dayanmaqdır. Avropalı bir tədqiqatçının fikrincə, əsrinin bir növ ensiklopediyasını təşkil edən “Beşlik” mövzularından yalnız beşindən bəhs edəcəyik; bunların təhlili, bizcə, Nizaminin mənəvi şəsxiyyəti və yetişdiyi mühitlə əlaqələrini göstərmək baxımından son dərəcə mühümdür. Təhlil edəcəyimiz mövzular aşağıdakılardır: Nizamidə farslıq. 2. Nizamidə türklük. 3. Nizamidə Qafqaz. 4. Nizaminin ruslar haqqında təsəvvürü. 5. Nizaminin qadına münasibəti. * * * Nizamidə farslıq Peyğəmbərin məktubunu cıran Xosrov Pərviz haqqında: Aydınlayan adı görüncə ünvan Su gördü elə bil it tutmuş insan! N i z a m i İran ədəbiyyatında Firdovsidən sonra ən böyük yeri Nizami tutur. Hətta epik əsərə verdiyi lirik ovqat, aşiqanə dastanlarda özünə xas yenilik və psixoloji təhlil baxımından Nizami, Firdovsi də daxil olmaqla, İran ədəbiyyatında heç kəsin fəth edə bilmədiyi bir zirvəyə qalxmışdır. Bununla belə ona, Firdovsi kimi, bir fars şairi adı verə bilərikmi? – Həm hə, həm də yox!.. “Hə”, çünki əsərlərini farsca yazmış və bununla da fars dilini zənginləşdirmiş, gözəlləşdirmiş, onun püxtələşməsinə xidmət etmişdir. “Yox”, ona görə ki, Firdovsidə müşahidə olunan fars təəssübkeşliyindən onda heç bir əsər-əlamət yoxdur. Firdovsi qədim İran tarixini canlandıran 60 000 beytlik “Şahnamə”sini yazmaqla, bu “parsi” ilə “əcəmi” diriltdiyinə işarə edir. Halbuki, Nizamidə belə bir məqsəd və öyünməyə təsadüf edilə bilməz. Firdovsi müxtəlif dastan, əfsanə və hekayətlərdən İran tarixini və fars ənənələrini canlandırmaq və yaşatmaq üçün istifadə etmişdir. Nizami isə tarixi hadisələrdən, özü üçün əsas məqsəd olan həqiqət naminə, gözəllik yaratmaq üçün faydalanmışdır. Firdovsidə qatı bir irq təəssübü hökm sürdüyü halda, Nizamiyə bu təəssüb yabançıdır. Onun üçün mühüm olan qan deyil, imandır. Nizamini maraqlandıran İran və ya fars qanı deyil, təkallahlılıq əqidəsi və ədalət anlayışıdır. Nizamidə Firdovsinin əsas predmeti olan ərəb və türk düşmənçiliyindən zərrə qədər əsər yoxdur. Firdovsi, məlum olduğu kimi, İran-Turan müharibələrinin dastanını vermişdir. Fars milliyyətçiliyinin bu şair ideoloqunun fikrincə, İran xeyir başlanğıcı olan Hörmüzdü, Turan isə şər başlanğıcı olan Əhriməni təmsil edir. Halbuki müsəlman Nizami bu dualist çoxallahlılığa qətiyyən əhəmiyyət vermir. O, İran-Turan istilahını yalnız bir və ya iki yerdə işlətmiş, özü də bu məfhumla iki düşmən dünyanı deyil, yalnız iki coğrafi ərazini nəzərdə tutmuşdur. Nizaminin nəzərində Turan qəhrəmanı Əfrasiyab İran qəhrəmanı Keyxosrovla bir məqamdadır. “Xosrov və Şirin”də hökmdar Şemirami qardaşı qızı və vəliəhdi şahzadə Şirinə aşiqi Xosrovla ehtiyatlı olması üçün öyüd verərkən, “o, Keyxosrovdursa, biz də Əfrasiyabıq” – deyir. Bir kraliçanın diliylə edilən bu qarşılaşdırmanın əslində şairə aid bir ölçü və meyar olması aşkardır. Sasani padşahı Xosrov Pərvizin Həzrəti Peyğəmbərin məktubuna göstərdiyi səfeh münasibətin tarixçəsi məlumdur: Pərviz onu İslama dəvət edən Məhəmmədin məktubunu cırmış, elçini təhqir etmişdir. Daha sonra İranın milli qəhrəmanı Rüstəm-Zalın ərəb orduları komandanı Sə’d ibn Vəqqasa yazdığı məktuba İran millətçiliyi və fars təəssübü ilə yanan Firdovsi “tfu sənə ey fələk ki, kərtənkələ yeyən və dəvə südü içən ərəb durub Kəyan tacına göz dikmişdir!” mənasını verən aşağıdakı beytləri daxil edir: Ze şir-e şotor xordən-o-susmar, Ərəb-ra be cayi rəsideəst kar, Ke tac-e Kəyan-ra konəd arizuy Tfu bər to ey çərx-e gərdan, tfu! Eyni hadisədən bəhs edən müsəlman Nizami, atəşpərəst hökmdarı Pərvizin Həzrəti-Peyğəmbərin mübarək məktubuna qarşı göstərdiyi hörmətsizliyi pisləyərək, padşahın məktubu cırmasını “quduzluq” kimi qiymətləndirib bu beyti yazır: Ço onvanqah-e aləmtab-ra did, To qofti səggəzide ab-ra did. Nizaminin fars təəssübü mənasındakı iranlılıqdan uzaq olması, aşağıda qeyd edəcəyimiz digər cəhətlərdən başqa, Xosrov Pərvizin Peyğəmbərə qarşı göstərdiyi hörmətsizlik üzündən düçar olduğu aqibəti üzərində xeyli müfəssəl dayanması ilə də sübut olunur. Xosrov Nizamini İranın tarixi bir şəxsiyyəti olaraq deyil, yalnız eşq dastanının bir surəti kimi maraqlandırmışdır. Bununla belə, “Xosrov və Şirin” hekayətini aşiqlə məşuqun qovuşması ilə bitirməklə kifayətlənməyib, şair, hekayənin “İslami rəngini” də verməkdən özünü saxlamamışdır. Sənətkar və şair Nizamiyə Xosrov və Şirinin min bir macəra və iztirabdan sonra ər-arvad olub rahatlığa çəkilmələri kifayət olduğu halda, sənətini fikirlərini təbliğ üçün istifadə edən filosof Nizamiyə kifayət etməmişdir; bunun üçün şair müsəlman Peyğəmbərinə kobudluq edən atəşpərəst hökmdarının yalnız maddi fəlakət və süqutunu verməklə kifayətlənməyib, eyni zamanda, İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etmişdir. Peyğəmbərin Xosrovun yuxusuna girməsi, əlindəki qırmancla onu vurması, vəziri Büzürgümidin ona ərəb peyğəmbəri haqqındakı söhbəti, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsi və atəşgədələrin sönməsi kimi əhvalatlar da özünəməxsus şəkildə “Xosrov və Şirin” hekayəsinə əlavə edilmişdir. Firdovsidəki iranlılıq, daha doğrusu, farsçılıq təəssübündən Nizamidə zərrə qədər əsər olsaydı, şübhəsiz, sənət baxımından poemanı heç də dəyərləndirməyən bu əlavələrə qətiyyən lüzum görməzdi. Firdovsi ilə Nizami arasındakı hiss başqalığını, biz böyük İskəndərin mənşəyi haqqında mövqelərinin müxtəlifliyində də görürük: İran qanının üstünlüyü və yenilməzliyinə inanan Firdovsi, Kəyan taxtına çıxan bir rumlunun yadlığına dözə bilmir; İranın məğlubiyyətini İskəndərin damarlarında axan qanla əlaqələndirir. Onun fikrincə, İskəndər Kəyanilərdən Darabın oğludur. Darab ilə Filəqus (Filip) arasındakı bir döyüşdə Rum ordusu məğlub olmuş, Darabın istəyi ilə, Filəqus qızı Nahidi ona göndərmişdir. Iran padşahı Rum şahzadəsinin yanına girmiş, fəqət ağzından pis iy gəldiyini duyub yatağı tərk etmişdir. Həkimlər Nahidin dodağına “iskəndər” deyilən yandırıcı bir bitki sürtüb bununla qoxunu aradan qaldırmışlarsa da, bir dəfə diksinmiş olan padşah artıq qızdan soyumuş və onu atasının yanına geri göndərmişdir. Bu təmasdan hamilə qalan Nahid atasının evində bir oğlan uşağı doğmuş və ağız qoxusunu yox edən otun xatirəsi ilə ona İskəndər adını vermişdir. Filəqus isə qızının başına gələni gizlətmək məqsədilə xalqa İskəndərin öz oğlu olduğunu bildirmiş və vəliəhd etmişdir. Bu halda, Firdovsinin nəzərincə, İskəndər bir yad və istilaçı deyil, Kəyan tacının həqiqi varisi və İranın qanuni hökmdarıdır. Onun Kəyan taxtına çıxa bilməsinin sirri də bundadır. Iskəndərin mənşəyi barədə İran rəvayətini Nizami də görmiş, amma ona əhəmiyyət verməmiş, inanılmaz bir uydurma sayıb kənara atmışdır. Onun fikrincə, İskəndər Filəqusun öz oğludur və sevdiyi yerli bir qadından doğulmuşdur. Yalnız Kəyan taxtına deyil, bütün dünyaya sahib olmasının sirrini, Nizami İskəndərin qanında deyil, imanında, fikirləri və idarə sistemində görmüşdür. Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olmasıdır. Məcusilik, zərdüştilik və atəşpərəstlik Nizamidə daim zərərli və alçaq sayılır. Təkcə Peyğəmbər və müsəlmanlar deyil, İskəndər belə atəşpərəstliyin düşmənidir. Kəyanilərin bütün idarələri içərisindən İskəndər yalnız atəşkədələri dağıdır. Hər hansı bir vilayətin düşmənləri İskəndəri bu vilayətə qarşı qaldırmaq üçün orada atəşpərəstliyin hələ yaşamaqda olmasından söz açırlar. Nizami İskəndəri şövqlə tərifləyərkən “dünyanı məcusilikdən təmizlədiyini” xüsusi bir razılıqla qeyd edir. Farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştlük və atəşpərəstlikdir. Belə olduğu halda, fars şerinin, Firdovsidən sonra, ikinci böyük dirəyi olan Nizami bu təlimə nə üçün bu qədər düşməndir? Onun üçün ki, sözün həqiqi mənasında Nizamidə farslıq duyğusu yoxdur. O, bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır. Təkallahlılıq mövqeyindən də o, hər cür ikilik və çoxluğu rədd edən bir “vəhdaniyyətçidir”. Zərdüştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub, öz aralarında vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uyğun gəlmir. Nizami hər şeydən əvvəl, bir müvəhhiddir, Allahın təkliyinə inanır. Farsca yazsa da, duyğu və şüuru farslıqdan uzaqdır. Bu uzaqlığı onun zamanında olduqca qüvvətli olmuş ismailiyyə məzhəbinə qarşı gizlətmədiyi düşmənçilik və nifrəti də göstərməkdədir. Məsələyə vaqif olanlar bilirlər ki, sıralarında Həsən Səbbah kimi qorxulu terrorçular yetişərək xilafətə qarşı şiddətlə mübarizə aparan bu hərəkat qədim farslığın İslama qarşı müxalifətinin bir ifadəsi idi. Nizaminin mədh etdiyi Azərbaycan Atabəyi sultan Qızıl Arslanın bunlar tərəfindən öldürüldüyü rəvayət edilir. Ərəb xilafəti ilə Türk sultanlığına möhkəm düşmənçilik edən bu “iranlı” məzhəbin adı, Nizaminin dilində bir söyüşdür. “Dediyim kimi deyilsə, ismaili olum” tipli ifadələr (onun) əsərlərində bir-iki deyildir... Ərəblərə qarşı bəslənən “Firdovsi kini”ndən heç bir əsər olmayan azərbaycanlı Niaminin həm də, eyni “Firdovsilik” baxımından türklüyə olan münasibətini araşdırmaq lazımdır. * * * * * * Nizamidə türklük Qoca bir qadının Sultan Səncərə xitabından: Türklərin çün yüksəldi dövlətləri, Ədalətlə bəzəndi bütün elləri. Madam ki, sən zülmə qulluq edirsən, Türk deyil, qarətgar bir hindusan! N i z a m i Klassik İran ədəbiyyatında “türk” sözünün gözəl mənasında işləndiyi həqiqətdir. Hafiz Şirazinin bir qəzəlində “tork-e Şirazi”dən bəhs etməsi məşhurdur: Əgər an tork-e Şirazi be dəst arəd del-e ma-ra, Be xal-e henduyəş bəxşəm Səmərqənd-o Boxara-ra. Buradakı “Şiraz türkü”ndən məqsəd Şiraz vilayətində bədənlərinin tənasübü və üzlərinin gözəlliyi ilə məşhur olan Qaşqay türklərindən – sözün həqiqi mənasında bir türkmüdür, yoxsa “türk” sözü burada məcazi olaraq “gözəl” mənasındamı işlənmişdir? Bu barədə müxtəlif mövqelərdə dayanalar vardır. Hafizin, mənası “insanlar mey qədrini bilsəydilər, gecələr yatmaz, üzüm əkərdilər; tənəkləri ud ağacından edər, arxlardan gülab axıdardılar və hər salxımın altında bir türk qızı oturub milçəkləri qovardılar” olan bir qitəsindəki “türk qızı” deyə tərcümə etdiyimiz “kənizək-e türk” – türk cariyəsi ifadəsinin də həqiqi, yoxsa məcazi mənada işlədilməsi barədə mübahisə etmək olar. Gözəllik məfhumu olaraq işlədilən “türk” sözünün həqiqi və ya məcazi mənalarda digər şair və yazıçılarda da nümunələrini tapmaq mümkündür. Amma yəgin ki, heç bir yerdə və farsca yazılmış heç bir əsərdə “türk” məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir. Şairin təhlil etməkdə olduğumuz “Xəmsə”sində bu müddəanın 80-dən artıq müxtəlif dəlil və əsaslarını tapmışıq. Bizə ele gəlir ki, “tork” sözü Nizamidən əvvəl, həqiqi mənada, nadir hallarda, “ağlıq” və “gözəllik” məfhumunda işlənmişsə də, məcazi olaraq yalnız onun dövründə “yüksəklik”, “paklıq” və “gözəllik” mənalarını kəsb etmişdir. Bu söz Hafizin məşhur beytindəki məcazi mənada sonrakı çağlarda işlədilməsi üçün bizcə, Nizamiyə borclu olmalıdır. Həqiqi və məcazi mənada şairin müxtəlif anlam və məqamlarda bol-bol işlətdiyi “türk” isim və sifətlərini ümumiləşdirsək, görərik ki: Nizami “türk” deyir – gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, bilici, ər, rəhbər və başçı nəzərdə tutur; “türklük” deyir – gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir; “Türküstan” deyir – vəfa, doğruluq və istənilən yerə qovuşmaq (vüsal) nəzərdə tutur. Türk gözəldir. “Dilbər” deməli olduğu çox yerdə şair sadəcə olaraq “türk” deyir. “Tork-e delsetan”, “tork-e tənnaz”, “tork-e nazənin əndam” kimi ifadələrə Nizamidə tez-tez rast gəlinir. Gözəl gözdən bəhs etmək istərkən (Nizami) “türk gözü” (“çeşm-e torki”) deyir, onu ahu (“ğəzal”) gözü ilə müqayisə edir. Hər hansı gülüşün şirinliyini ifadə etmək üçün ona “türk gülüşü” deyir; bu gülüş Nizaminin nəzərində o qədər şirindir ki, “şəkər belə ona həsəd aparır” (“Xəstedel əz xənde-ye torkan şəkər”). “Həft peykər” poemasında yeddi iqlimin yeddi şahzadəsini Bəhram-Gurun yeddi qəsrində yerləşdirib həftənin yeddi gecəsində onlara ayrı-ayrı bir eşq əfsanəsi danışdıran şair, hekayə danışan gözəlləri də, hekayələrdəki dilbərləri də “türk” deyə vəsf edir; Rum şahzadəsi, ona görə “Rum nəslindən olan türk”dür (“tork-e rumi nəsəb”). Bir kürd qızının gözəlliyini ifadə etmək üçün “gözləri bir türk gözü qədər gözəl idi” deyir. Ərəb gözəllərindən bəhs edərkən yenə türklə müqayisə edir. Məcnunun sevgilisi Leylinin ətrafındakı ərəb qızlarına “Ərəbistanda yaşayan türklər” deyir, sonra da “ərəb əndamlı türklər”ə məftun olur. Çin gözəlimi, hind gözəlimi – hara gözəli olur-olsun – Nizamidə onun türkə bənzədildiyini görürük. Şair gözəllərin olduğu saraya “Türküstan” deyir; “Xosrov və Şirin”də Şapur Şirinin “şahın Türküstanı”na necə göndərildiyini izah edir. Burada “Türküstan” sözü “hərəm” mənasında işlənmişdir. Hətta “Həft peykər” mənzuməsinin fantaziya baxımından ən parlağı olan “qara qəsr” şahzadəsinin hekayəsindəki zərif bədənli “türk kraliçası”nın adı belə “Türknaz”dır. Məcazlarla zəngin olan Nizami üslubunda, türklük – qüvvət və qəhrəmanlıq simvoludur. Məsələn, Xosrov ilə düşməni Bəhram döyüşürlər – ikisi də iranlıdır. Birinin ordusu rumlulardan, o birininki iranlılardan toplanmış olduğu halda, şair, bu iki qüvvə arasındakı çarpışmanı təsvir edərkən “bu türklər arasında qızışan döyüşdə türk neyinin naləsindən türklərin boğazı tutulurdu” deyir. Burada “türk” – “cəngavər”, “əsgər” və “döyüşçü” müqabilində işlənmişdir. Xosrovun Şirini axtarmağa getdiyindən bəhs edərkən, şair “türklüyü” əzmkarlıq mənasında işlədir. Məsələn, “atını Şirinə tərəf sürüb türkü türklüklə qarət etmək istədi” deyir. Bir döyüşü təsvir edərkən igidlərdən birinin hərb meydanına atılmasını “ordunun mərkəzindən sıçrayan dəmir geyimli birisi türk kimi (“torkvar”) meydana atıldı” – sözləri ilə verir. Dara ilə İskəndərin orduları qarşılaşır – şair yenə də “türk yürüşündən” və “türklərin coşğunluğundan” bəhs edir. Türklərin qəhrəmanlıq və cəngavərliklərinin bənzəri yoxdur. Dara İskəndərə xitab edərkən qarşısındakını “türkləri” ilə qorxudur: Məgər türklərimin oxunu yemədinmi ki, mənə basqın edirsən?!” – deyə soruşur. Iskəndər də hind xaqanı ilə deyişməsində “türklərim əl qaldırsalar, atdıqları hər bir oxla bir ordunu yıxarlar” deyə öyünür. Bir sözlə, “türk” bütün maddi-mənəvi ucalıqların simvoludur. O, günəşin də özüdür: səhərin açılıb, günəşin doğmasını bildirmək istərkən, Nizami “Sultan əzəmətli türkün Çin dəryasından ucalaraq, dağlara nur saçmasını” göstərir. “Türk” Nizaminin lüğətində bir rəhbər, başçı deməkdir. Ən böyük başçını, ən böyük peyğəmbəri, ən böyük imperatoru müəyyən təşbehlə vermək istəyəndə Nizami “türk” sifətini işlədir. O qədər idealizə etdiyi İskəndərin ağlını, tədbirini, işləri iş bilənlərə tapşırmağa əsaslanan idarə sistemini “İskəndərnamə”nin ikinci hissəsində təsvir edərkən “əgər belə olmasaydı, Rum papaqlı bir türk Hind və Çinə necə sahib ola bilərdi?” mənasını verən aşağıdakı beytləri yazır: Be tədbir-e kar-agəhan dəm qoşad, Ze karagəhi kar-e aləm qoşad. Və gər nə yeki tork-e rumikolah Be hind-o-be çin key zədi barqah? Türkcəsi: Bilənlərə daim qulaq asardı, Işlərini bilib edərdi. Yoxsa Rum papağı geymiş bir türk Hindistana, Çinə necə hesab olardı?! Həzrəti-peyğəmbəri məd edərkən, şair yenə də “türk” sözündən istifadə edir. Nizaminin aşağıdakı beytləri eyni ilə verilməyə layiqdir: Zehi peyğəmbəri k-əz bim-o-ommid Qələm ranəd be Əfridun-o-Cəmşid. Zehi sərxeyl-e sərxeylan-e əsrar Soxən-ra ta qiyamət noubətidar. Zehi gərdun-zəni k-əz bim-e tacəş Keşəd hər gərdəni touq-e xəracəş. Zehi torki ke mir-e həft xeyl-əst Ze mahi be mah u-ra tofeyl-əst. Türkcəsi: Elə peyğəmbər ki, Əfridun ilə Cəmşid onun Hökmü altında qorxu və ümid duyarlar. Bir ərənlər silsiləsinin başçısı ki, Qiyamətə qədər söz söyləyən yalnız odur. Elə bir amir ki, onun əmri ilə Hamı ağıllanır, dünya nizama düşür. Yeddi iqlimin sahibi olan bir türk ki, Yerdə, göydə hər şeyə yol göstərən odur! “Sultan-e Kəbe” sərlövhəsini daşıyan qəsidəsində də şair Məhəmməd peyğəmbərə “Ərəb bədənli türk” deyir. Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealını türk dövləti tipində tapır. Belə ki, didaktik əsəri olan “Məxzən ül-əsrar”da zülmə məruz qalmış bir qarının dililə, böyük Səlcuqlardan Sultan Səncərə xitabla: “Madam ki, ədalətsizliyə imkan verirsən, demək, türk deyilsən!” – deyir. “Türk” Nizami əsərlərində yalnız iki dəfə mənfi çalarda işlədilmişdir. Bunlardan biri “Leyli və Məcnun”un müqəddiməsində, Şirvan şahı Axsitanın şairə göndərdiyi məktubdadır. Aristokrat nəslinin ta Kəyanilərə gedib çıxması ilə qürrələnən Axsitan, Sultan Mahmud Qəznəvi ilə şair Firdovsi arasında olmuş məşhur əhvalata işarə edərək, “türk vəfası”ndan gizli bir eyhamla bəhs etmişdir. Ikinci mənfi münasibət İskəndərin Çin xaqanına etdiyi xitabdadır. Yeri gəlmişkən qeyd edək ki, Nizami Çinin bir türk sülaləsi tərəfindən idarə olunduğunu bilir – Çin xaqanına türk padşahı deyir. Çin xaqanı ordusunu səfərbər etmək istəyəndə Fərqanə, Qırqız (Xırxız), Çaç və Kaşqara fərmanlar göndərib “qızıl kəmərli türk pəhləvanlarını” toplayır. Nizami rəğbət bəslədiyi bu “türklərini” sevdiyi İskəndərlə vuruşdurmur, qorxu qarşısında alçaldıb təslim də etdirmir. “Türk saları ilə Caha saları” arasında anlaşmaya əsaslanan bir sülh bağlatdırır. Sülhə təşəbbüs edən “türk padşahıdır”. Xaqan qiyafəsini dəyişib gizlincə İskəndərin yanına gəlir və sülh təklif edir. Qarşılıqlı anlaşma ilə sülh bağlayırlar. Sülhün qüvvədə olduğu zaman Xaqan ordusunun səfərbər edilməsi xəbərini İskəndərə çatdırırlar. Aldandığını zənn edən hökmdar qəzəblənir, cəbhəyə gəlib adı ilə xaqanı çağırır. Türkləri dönüklükdə təqsirləndirir. Xaqan gəlir: – İskəndər, sənə nə olmuşdur? – Hanı bəs, sülh etmişdin, razılaşmışdıq!.. – İstədiyimdən dönməmişəm, sözüm sözdür! – Belə olan surətdə bu səfərbərlik nədir?! – Sülhü zəiflikdən deyil, ürəkdən istədiyimi göstərmək üçün... Bununla da, şair İskəndərin türklər haqqındakı tənələrini yalana çıxarır. Çin türklərindən başqa, şair qıpçaq türklərindən və xarəzmlilərdən də hüsn-rəğbətlə bəhs etmişdir. Ağbənizli qıpçaq gözəllərinin kişilərdən qalmayan sərbəst həyatını görən İskəndərlə qıpçaq ağsaqqalları arasında baş verən çox maraqlı bir dialoqun təfsilatını, daha münasib olduğu üçün, bu hissənin “Nizaminin qadına münasibəti” fəslinə saxlayırıq. Xarəzmlilərə gəldikdə isə şair onları yüksək gözəllik nümunəsi kimi təqdim edir. Hindistan padşahının məktubuna yazdığı cavabda İskəndər “mənə hind gözəllərindən danışırsan, Xarəzmdə daha gözəlləri var” mənasını verən bu beyti işlədir: Gərəm həst bər xubriyan şetab! Be Xarəzm rouşəntər-əst aftab! “Türk” yalnız insan gözəlliyinin və bəşəri gözəlliklərin simvolu deyildir. Nizami təbiəti təsvir edərkən də, təşbehlərində “türk” ismi və sifətini işlədir. Çiçəklər və yaşıllıqlarla bəzənmiş bir çölün görünüşünü verərkən, şair, məsələn, “yasəmənin türkü çöldə çadır qurmuşdur” – deyir. Eynilə mücərrəd mənəvi anlayışları da şairin “türk” sözü ilə rəmzləndirməsi faktdır. Sədinin bir şerində yanlış yolda olan bir günahkara müraciətlə: “Ey ərəb, qorxuram Kəbəyə yetişməyəsən, sənin getdiyin bu yol Türküstana aparır” – deyilir. Halbuki Nizamidə Türküstan tərslik və yanlışlığın deyil, doğruluğun və əsl məqsədin hədəfidir; vüsalı istənilən bir şeydir, hətta vüsalın özüdür. Necə ki, bir neçə yerdə şair “Torkestan-e vəsl” (“vüsal Türküstanı” – red.) ifadəsini işlədir. Bu fəsli sona yetirməzdən əvvəl onu da qeyd edək ki, Nizami gözəllik, ucalıq və saflıq simvolu olaraq, “türk” sözünü yalnız ədəbi bir istilah kimi işlətməklə kifayətlənməmiş, eyni zamanda, İran ədəbiyyatında türk mifologiyasından alınmış müqayisələrlə türkcə sözlər də daxil etmişdir: Ayxan, Qaraxan kimi isimlərdən Nizami, bir sifət kimi şerlərində istifadə edir. “Ayxan-e xuban” (“gözəllər Ayxanı” – red.) deyir; “Toğanşah-e soxən” (“söz Tuğanşahı” – red.) yazır. “Banu” sözü ilə yanaşı “xatun” kəlməsini də işlədir və bunu “kraliça” mənasında götürür. Bizim “bayraq” dediyimiz şeyi Nizami iki hissəyə ayırır: dirəyinə “sancaq”, parçasına da “bayraq” deyir. Nizaminin istifadə etdiyi türk sözlərinin toplaya bildiyimiz lüğətini kitabın sonuna əlavə edirik. Burada onun işlətdiyi çox maraqlı bir sözü qeyd edək – “ekdeş”. Bu sözü şair metis (qarışıq) mənasında işlədir. “Nizami yarısı sirkə, yarısı bal, xəlvətdə (oturan) bir ekdeşdir” – deyir. Sözün mənşəcə fars sözü olmaması aşkardır. “Ekləmək” (əlavə etmək, qarışdırmaq, birləşdirmək – red.) felindən “ek” kökü ilə oxşarlıq bildirən “deş” şəkilçisi vasitəsilə düzəldilmiş bir türk sözüdür. Xüsusən, nəzərdə tutduğu “metis” mənasını da (bu söz) çox yaxşı ifadə edir. Həmin mənada eyni sözü şair başqa bir yerdə də işlədərək “anası türk, atası hindu olan bu nəqş nə ekdeş şeydir” – yazır. Qədim Türküstan şəhərlərinin də hamısı Nizamidə gözəlliyin, sənət və məharətin simvoludur: bəhs etdiyimiz sözlükdə bunlar qeyd olunmuşdur. “Türküstan” sözünün “gözəllik yeri” mənasında işləndiyini isə yuxarıda xatırlatdıq. Amma bizi daha çox elmi bir ixtisas sahəsinə çəkən bu fəsli daha dərinləşdirmədən, burada saxlayıb üçüncü hissənin bu fəslini bitirək. Azərbaycan padşahlarından şairin xüsusən yüksəltdiyi Atabəy Məhəmməd Cahan Pəhləvana yazdığı mədhiyyədə Nizami Məhəmməddəki iki “mim” üzərində oynayaraq, “tarac hökmü olmasa”, qələm türklərinə, “mim”inin biri kəmər, digəri də tac bağışlar” mənasını verən beyt yazmışdır. Bütün dünya tədqiqatçılarının məlum ümumi rəyinə görə, Nizami ən böyük bir qələm türküdür. Bu böyük türk, müasirlərindən şikayət edən bir yazısında “bu həbəşlikdə türkcəmi anlayan yox!”, – deyə oxucularla dərdini bölüşdürərək, aşağıdakı beytləri yazır: Əql danəd ke mən çe miquyəm Z-in eşarət ke rəft çe micuyəm. Nist z-in bəddelan şekəst məra Ke ze ankəs ke nist həst məra. Torkiyəm-ra dər in həbəş nə xərənd, Lacərəm, duğba-ye xoş nə xorənd! Türkcəsi: Ağıl bilir ki, mən nələr söyləyirəm İşarətimlə nələr istəyirəm. Zatı qırıqlar məni sındıra bilməz Çünki arxamda yoxluq kimi varlıq var. Türkcəmi bu həbəşlikdə alan yox, Dovğanı bir yemək deyə sayan yox! “Həbəşlik”dən məqsəd təəssübkeşlərin qara cəhaləti, “türk”cəsindən məqsəd də dühasının məhsulu olan düşüncələridir. Istəsəniz, bu şikayəti şairin yaşadığı dövrdə türkcə yazmağın adət olmaması üzündən duyduğu təəssüf kimi yozun. Hər halda, türk məfhumuna hisslərində, duyumlarında, fikir və düşüncələrində bu qədər yüksək yer verən bir Azərbaycan övladına, gözəl ilə ucaya – “türk”, gözəllik və ucalığa – “türklük”, gözəllik və ucalıq diyarına “Türküstan” deyən bir şairə, yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü? Əsla!!! Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixndə müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Ğurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür! Nizaminin türklüyünü inkar etmək, onun 800 il sonra da təravətini mühafizə edən “türkcə”sini anlamayan faciəvi bir “həbəşlik” olardı. * * * * * * Nizamidə Qafqaz Qafqaz döyüşündə rus sərkərdəsi Qıntalın əsgərlərinə müraciətindən: Udarıqsa bu döyüşü əgər, Bu dəfəki zəfər cahana dəyər. Alarıq ərzi iqtidarımıza Qoyarıq taci-şahı başımıza. N i z a m i Azərbaycanlı Nizami əsərlərini farsca yazmış olduğu halda, ondan yarım əsr sonra dünyaya gəlmiş “Pələng dərisi geymiş pəhləvan” dastanının müəllifi, gürcü Şota Rustavelidən daha artıq qafqazlıdır. Şərq İslam mədəniyyətilə İran ədəbiyyatının və xüsusən Nizaminin təsirinə məruz qalması alimlər tərəfindən qeyd olunan bu böyük gürcü şairinin ölməz əsərində dildən başqa hər şey yaddır: mövzusu bir hind dastanlarından alınmışdır; şəxs adları və hadisələrin baş verdiyi yerlər də yaddır. Təkcə Gürcüstan deyil, bütün Qafqaz şəraitilə mənzumənin açıq bir bağlılığı yoxdur. Halbuki, dil baxımından millilikdə Rustavelidən geri qalan Nizami, mövzuları nəzərdən keçirilərsə, ondan daha milli, daha yerlidir. Bu baxımdan Qafqaz Nizaminin yaradıcılığında çox mühüm bir yer tutur. Nizamidə Qafqazın yalnız coğrafi bir məfhum deyil, geopolitik baxımdan – bütün etnik, ictimai və siyasi ünsürlər ilə bir mövzu olaraq da inikası vardır. Şairin ilk lirik əsəri olan və Nizami adını dünyaya tanıdan “Xosrov və Şirin” mənzuməsindəki hadisələrin mühüm bir qismi Ermənistanda, Azərbaycanda və Muğanda baş verir. Şirin bir erməni şahzadəsidir – qış sarayı Arranın mərkəzi Bərdədə yerləşən hökmdar Şemiraminin vəliəhdidir. Könlünü Şirinə vermiş Sasani şahzadəsi gənc və gözəl Xosrov “eşq həyatının ilk baharını” Muğanın ilıq havasında və Bərdənin mülayim qış gecələrində keçirir. Burada insanlar gözəl, azad və xoşbəxtdirlər. Qadınlar-qızlar kişilər kimi sərbəstdirlər: at minir, ova çıxır, yarışlarda iştirak edirlər. Şah Şemiraminin və ondan sonra xüsusən Şirinin idarə üsulu, Nizaminin təxəyyülü ilə ən ədalətli və humanist bir idarə kimi təsvir olunur. Azərbaycan şairinin yaradıcılığında Qafqazın tutduğu mühüm yeri xüsusən “İskəndərnamə” əsərində görmək olar. Tarixi həqiqət olmasa da, Nizami idealizə etdiyi Makedoniyalı İskəndəri iki dəfə Qafqaza gətirmişdir. Birinci gəlişin tarixçəsi belədir: Daranın məğlubiyyətindən sonra İran taxtına çıxan İskəndərin yanına Azərbaycandakı sərkərdənin göndərdiyi bir nəfər gəlir. Bu adam Ermənistanda atəşpərəstliyin hələ də davam etməsi xəbərini gətirir və təfsilatı danışaraq deyir: “Atəşpərəstlikdə qalmış ermənilər başqa bir padşaha tabe olurlar. Ermənilərin hakimləri Abxaziya (Nizamidə “Abxaz”) çarı Duvaliyə tərəfdardırlar – qədəhlərini onun sağlığına qaldırırlar, məmləkət xəracını ona ödəyirlər”. Bu təfsilatdan sonra azərbaycanlılar İskəndəri ayıq saxlamaq üçün bunu da əlavə edirlər: “qarşısı alınmazsa, tezliklə Azərbaycanı da bürüyər”. Bu xəbəri alan İskəndər dərhal Ermənistan üzərinə yeriyir. Bu hücumla məmləkəti alır, atəşpərəstlikdən orada bir əsər qoymur. Bundan sonra Abxaziyaya (Gürcüstan) basqın edir. Hadisədən xəbər tutan Duvali çarəni müqavimət göstərməkdə deyil, padşahın istiqbalına çıxmaqda görür. Iskəndər möhtərəm bir qonaq kimi Abxaziyada çox yaxşı qarşılanır. Bir müddət burada qalır. Nizaminin nəql etdiyi rəvayətə görə, Tiflis şəhərini tikdirir. Burada ikən İskəndər Bərdənin şöhrətini eşidir. Iskəndərin marağına səbəb olmuş bu “tərifi” Nizami bizə də təqdim edir. Bu təsvirə görə, Bərdə və onun ətrafının qışda cənnəti andıran bir mənzərəsi varmış: iyulda çəmənlər çiçəklərlə örtülümüş; qışın da bahar yeli kimi ilıq havası varmış, yaşıllıqlarla bürünmüş yer, İrəm bağında olduğu kimi, müşk qoxuyarmış; qızıl və sudan yoğrulmuş kimi, torpağı zəfəran əkinini xatırladarmış; Kür çayı da burdan keçirmiş. Bu yaşıl diyarda yaşayan insanlarda könül xoşluğundan başqa bir şey yoxmuş; hamısı şən və xoşbəxtmişlər. Bu “cənnət diyarın” sahibi Nüşabə adlı bir qadındır. Həyatını eyş-işrətlə keçirən bu qadın ağıl və tədbirilə tanınırmış. Hökmdar Nüşabənin hökm sürdüyü Bərdə, qadınlar tərəfindən idarə olunan bir “şəhri-zənan” imiş. Hökmdarın hüzurunda min bakirə qız xidmət edirmiş; qadın süvarilərdən təşkil olunmuş qoruyucu alaydan başqa, otuz min əli qılınclı kişi əsgərləri varmış. Nüşabə qadınlardan başqa heç kəsi yanına buraxmaz, kişilərə ehtiyac duymazmış. Sarayında “kədxuda”lardan geri qalmayan “kədbanu”ları varmış. Iskəndər ordusu ilə gəlib Bərdənin yaxınlığında düşərgə salır. Getdiyi hər yerdə yerli hökmdarlar tərəfindən qarşılanıb, əlinin öpülməsinə və itaət bildirilməsinə alışmış imperator, qadın padşahın onu qarşılamamasından heyrətə düşür. Nüşabə İskəndəri əsla qarşılamır, yalnız ordusu üçün ərzaq göndərməklə kifayətlənir. Bərdənin abadlığı, ədalətlə idarə olunduğu, əhalisinin rifah və əmniyyət içərisində yaşadığı, məmləkətdəki bolluq və gözəllik haqqında danışılan rəvayətləri eşitmiş İskəndər, bir də Nüşabənin ona qarşı göstərdiyi laqeydliyi gördükdə, bu “gözəllik diyarı”nı öz gözləri ilə görmək, öyrənib eşitdiklərini yoxlamaq qərarına gəlir: bir elçi sifətilə özü Nüşabənin sarayına yollanır. Sarayda İskəndəri qeyri-adi təntənə ilə qarşılayırlar. Dilbər saray gözəlləri min bir izzət və ehtiramla “elçi”ni qəbul salonuna aparırlar. Nəhayət, Nüşabə onu qəbul edir. “Elçi” ilə hökmdar arasında baş verən görüş səhnəsi gözlənilməzliklərlə dolu, son dərəcə həyəcanlı və maraqlıdır. Hər şeydən əvvəl, hökmdar qonağının hiyləsini alt-üst edir: onun bir “elçi” deyil, İskəndərin özü olduğunu üzünə vurur. Iskəndər isə bunu inkar etməyə başlayır. Bu barədə dialoq aşağıdakı şəkildə verilir: İ s k ə n d ə r: (elçi sifətilə) – Böyük hökmdarım salam göndərir və deyir, nə oldu ki, kraliça bizi qarşılamağa gəlmədi? Nə haqsızlıq gördü ki, düşmənimiz kəsildi? Qılıncının daha kəskinliyinəmi, yoxsa oxunun daha itiliyinəmi güvəndi?.. N ü ş a b ə: İskəndərin qılıncından nə danışırsan? Sən öz başına çarə qıl ki, özün İskəndərsən. Pusqunu mənə qurdun, amma özün yaxalandın. Təcrübəli davran, xam olma! E l ç i (İskəndər) – İskəndər bir dəryadır, mənsə bir çay; kölgəyə günəş deyə xitab etmə! N ü ş a b ə: Şöhrətin böyük, adın böyükdür! Aslanı canavar dərisində gizlətmə! E l ç i (İskəndər) – Sənin gözündə böyüyəmsə də, əmin ol, İskəndər deyiləm, yalnız onun elçisiyəm. Bir elçi kimi cəsarətim çox görünməsin: tülkünün yox, aslanın yanından gəlmişəm. Nüşabə, xidmətçi qızlardan birinə padşahın şəkilləri olan ipək kolleksiyanı gətirməyi əmr edir. Gətirirlər. Kolleksiyanın bir guşəsini açır və İskəndərə: “bax!” – deyir. Iskəndər, Nüşabənin göstərdiyi guşəni açaraq öz şəklini görür; yaxalandığını başa düşür, fikrə dalır. N ü ş a b ə: Narahat olma, məni də yad bilmə, özünə düşmən sayma! Zati-alini təqdir edənlərdənəm. Harda olur-olsun, qulluğa hazıram, nəqşini (şəklini – red.) sənə göstərməyim, vurduğum nəqşin (naxışın – red.) tutduğunu göstərmək üçündür; təsəvvür etdiyim bütün naxışlardan könlümə yatanı ancaq səninkidir. Tanrı sağlıq versin. Doğruluğuma özün şahid olacaqsan! Daha bir çox maraqlı məqamlar və süni yeməklərdən ibarət süfrə kimi gözlənilməzliklərlə dolu olan bu görüş axırda iki tərəf arasında bir ittifaq bağlanması ilə nəticələnir. Nüşabə İskəndər və ordusunun şərəfinə böyük bir ziyafət verir. Bundan sonra İskəndər Şirvan yolu ilə Dərbəndə gedir. Amma yola düşməzdən qabaq İskəndər bir müşavirə keçirir: bütün sərkərdələrini toplayaraq xalqlar arasında dostluq prinsipinə hörmətlə kraliça Nüşabənin sağlığına qədəh qaldırdıqdan sonra İskəndər bu sözləri deyir: “Əvvəlcə buradan geri dönüb Ruma getmək niyyətində idim. Indi fikrimi dəyişdim: bütün dünyanı görmək və tutmaq qərarına gəldim!” Şair, nəzərdə tutulan bu səfərin keçiləcək ilk mərhələsini də bizə göstərir: Bütün dünyanı ələ keçirməyi planlaşdırmış İskəndər “öncə Elbrus dağına yol tapıb bu dağı aşacaq, düzənliyə çıxacaq; daha sonra qoşununu dəniz sahilinə çəkərək, bir həftə ərzində burada balıq və quş ovlayacaq, sonra isə baxacaq: “ürəyi nə istəsə və zaman nə göstərsə, elə edəcəkdir”. Bu qərardan sonra filosof Bəlisanın tövsiyyəsilə, döyüşçülər əllərindəki qiymətli şeyləri ümumi bir dəfinə olaraq yerə basdırıb, hər şeyin kimə mənsub olduğunu göstərən əlamətlər qoyaraq çıxıb gedirlər (rəvayətə görə, İskəndər ordusunun Ruma qayıtması başqa bir yoldan olmuş və dəfinə burada basdırılı qalmışdır). Şirvandan keçərkən İskəndərə Dərbənd qalasında məskən salmış bir dəstə qarətçinin yolları kəsərək, karvanları soymaqlarından, bütün məmləkəti qorxuda saxlamaqlarından və əhalini talan etdiklərindən şikayət edirlər. İskəndər yüz min nəfərlik ordu ilə qalanı düz qırx gün mühasirə edirsə də, ala bilmir. Bu işdə düçar olduğu çətinliyi, İskəndər, adəti üzrə, tədbir və sehrlə həll etmək istəyir. Aldığı bir xəbərə əsasən, İskəndər o ətrafda mağarada yaşayan bir “piri-salehi” (“doğruçu qoca” – red.) görməyə gedir. Bu “pir”in duası sayəsində, nəhayət, Dərbənd qalası alınır. Bu zaman Xəzranilər (“xəzraniyan”) İskəndərin yanına gələrək Qafqaz dağlarının o tərəfində yaşayan köçərilərin onlara hücum etdiklərindən və daim qırıb soyduqlarından şikayət edirlər. İskəndər, bir çarə olaraq, “Səddi-İskəndəri” kimi tanınan Dərbənd divarlarının tikilməsini onlara tövsiyyə edir. Imperatorun əmrilə xəzranilər toplanır, dağ keçidlərini dəmir, çınqıl və ya çaydaşından bir qarışıqla (bir növ, dəmir-beton) tuturlar, dar boğazda möhkəm bir sədd qururlar. Öz tərəfindən bu işə yardım üçün İskəndər “sədd çəkilməsini bilən ustalar və mühəndislər” göndərir. Dərbənd səfəri və işləri bitdikdən sonra İskəndər İrana dönür. Daha sonra Hindistana səfər edir. Buradan da Çinə yollanır. Iskəndər Çində ikən ruslar Qafqaza soxulurlar. Bərdəni talan edib Nüşabəni əsir alırlar. Iskəndərin ordusu ilə bərabər Çində olan Abxaziya hakimi Duvali Qafqazdan qaçıb yanına gələn birisindən hadisəni eşidir. Hadisəni bütün çılpaqlığı ilə İskəndərə ərz edir. Bu məlumatında Duvali deyir ki: “Ruslar hücum edərkən Dərbənd ətrafına gəlmiş, gəmilərlə dənizə çıxmış, sahillərə çoxlu əsgər çıxarmışlar; köhnə kinləri təzələmiş, oraları yerlə yeksan edib əllərinə nə keçibsə götürmüşlər. Anbarlarda nə yeyəcək, nə də geyəcək bir şey qoymamışlar. Xəzinəni qarət etmişlər, tacdakı almazları qopartmışlar, taxtdakı ipəkləri cırmışlar; Bərdə mülkünü tutmuş, bolluq içində olan bu şəhəri tamamilə qarət etmişlər; gördüyünüz o gözəllərdən birisini də sağ buraxmamışlar; nəhayət, Nüşabəni də əsir alıb özlərilə bərabər aparmışlar!”. Vəziyyəti bu cür izah etdikdən sonra Duvali, İskəndərdən yardım diləyir və dediklərinə bunları da əlavə edir: “Görəcəksiniz, bir azdan Rum və Xorasana da tamah salacaqlar”. Faciədən xəbər tutan İskəndər qəzəb və hiddət içində bunları deyir: “Bir yola düşüm, görərsiniz nə qədər rus başı əzəcəyəm. Dünyada nə rusdan, nə də ona uymuş Burtasdan bir əsər qoymayacağam. Bu intiqamı ruslardan almasam, mən İskəndər deyil, bir köpəyəm. Burtasın ciyərini deşməsəm, ondan da, rusdan da betər bir məxluqam!”. Beləcə qərar verən İskəndər Türküstan, Xarəzm və Qıpçaq çölü yolu ilə Qafqazın köməyinə tələsir. Qıntal adlı bir sərkərdənin başçılıq etdiyi rus ordusu ilə qarşılaşır. Rus ordusu, deyildiyi kimi, alanlarla da müttəfiq imiş. Rus ordusu ilə Rum ordusunun qarşılaşması şair tərəfindən müfəssəl verilir. Bu təfsilata görə, ruslara Rum padşahının böyük bir ordu ilə gəldiyini xəbər verirlər; həmin xəbərə görə, Rum ordusu yel sürətilə gələn bir dağ kimi imiş; yürüşündən yer sarsılırmış. Bu orduda polad zirehlərə bürünmüş iki yüz fil varmış ki, “yerin qanını qaynadırlarmış”. Rus ordusunun sərkərdəsi vəziyyəti belə görüb tədbir tökür: “yeddi rusdan” toplanmış bir qoşun yaradır; “Burtas, Alan və Xəzran”dan topladığı adamlardan da “bir dəniz və dağ” əmələ gətirir; burdan ta Qıpçaq çölünə qədər yer üzünü qılınclılar və dəmir geyimlər bürüyür. Sayılması mümkün olmayan bu ordunun yalnız cəbhə hissəsi 9000000-u aşırmış!...” Qıntal öz ordusu qarşısında söylədiyi nitqdə kobud və döyüşkən rusların zərif rumlularla çinlilərə şübhəsiz qalib gələcəyini söyləyir. Rum ordusu Qıntalın nitqində deyildiyi kimi, təkcə rumlu və çinlilərdən deyil, mərkəzi rumlulardan ibarət olmaqla bütün xalqlardan toplanmış, birləşmiş bir imperiya ordusu imiş. Nizami döyüşə başlamazdan əvvəl İskəndərin topladığı hərbi şurada aşağıdakı görkəmli sərkərdələrin adlarını çəkir: bu müşavirədə Çindən – Qıdırxan, Xütəndən – Qurxan, Mədaindən – Rəis, Yəməndən – Vəlid, Abxaziyadan – Duvali, Reydən – Hindi, Kəyanilərdən – istəxrli Qubad, Mazəndarandan – gilanlı Zərivənd, Xavərandan – Pəşəng, İraqdan – Vəfur, Ermənistandan – Bəziyar varmış. Bu siyahını verdikdən sonra, şair daha çox təfsilatla baş ağrıtmamaq üçün; “Yunan, Firəng, Misir, Şam və adı çəkilməyən bir çox məmləkətləri” qeyd etməklə kifayətlənir. Iskəndər, “xalqlardan ibarət” bu yığıncaqda bir nitq söyləyir. Bu nitqində o, düşmənin qüvvət və cəsarətini qeyd etməklə bərabər, zəif cəhətlərini də göstərir. “Qüvvətləri cahilliklərindən irəli gələn rusların təbiətcə üstün gücünə silah və bilik sayəsində üstün gələcəyik” – deyir. Silahdaşlarına ruh və ümid vermək üçün İskəndər öz nitqində siyasi bir momentə də işarə edir. Çox mühüm olan həmin momenti qeyd etməyə bilmərik. Iskəndər rus ordusundan əsla qorxmadığını, “dağlardan axan sellərin müttəfiqlərə müsaid” olduğunu qeyd etməklə sözünü belə davam etdirir: “Xəzər dağından Çin dənizinə qədər bütün yerlər başdan-başa türklərlə doludur. Türklərin rumlarla yaxınlığı olmasa və rumlulara ruslardan da artıq kin bəsləsələr də, buradakı türklərin oxları ilə rusları məğlub etmək çox mümkündür”. Iki ordu arasında təfsil və təsviri sözün uzanmasına səbəb ola biləcək çox qanlı döyüşlər başlayır. Altı-yeddi dəfə, dastanlardakı pəhləvan mübarizələri şəklində, həyəcanlı və qəhrəmancasına döyüşlərdən sonra, İskəndərin özü tərəfindən məğlub edilən “silah batmaz, güc yetməz və adama bənzəməz rus divi”nin məharətlə atılmış bir kəmənd vasitəsilə sürüklənib yerə salınması ilə başlanan “cəng-məğlube” (“meydan müharibəsi”), “vəhşi rusların” qaçması, Qıntalın əsir düşməsi və Qafqazın istiladan qurtulması ilə başa çatır. Mədəni dünya ordusu qalib gəlir. Bu qələbənin əhəmiyyətini Nizami, rus sərkərdəsi Qıntalın “bu yerləri ələ keçirsək, aləmi məğlub edər, dünyanı tutar, cahana hökmranlıq edər, daim hökmdar olarıq” mənasını verən aşağıdakı sözlərilə ifadə etmiş olur: Gər in dəstgah-ra be dəst avərim, Bər eqlim-e aləm şekəst avərim. Cəhanra begirim, şahi konim Həme sale sahib-kolahi konim. Bu qələbə nəticəsində Nüşabə xilas olur və Abxaziya hakimi Duvali ilə birlikdə Bərdəyə qayıdır. Hər bir siyasi və hərbi zəfərini bir könül zəfərilə xoşbəxtləndirən İskəndər, ruslar üzərindəki bu parlaq qələbəsini də, döyüş zamanı gözlənilməz bir şəkildə “rus divi”nə qarşı qəhrəmanlıq göstərmiş olan “çinli bir türk gözəli”nin vüsalı ilə zinətləndirir. “Iskəndərnamə”nin müqəddiməsində Nizami “hər qapıdan topladığı bir dürr” (inci) ilə “gəlin kimi bəzəkli” bir ev qurduğunu söyləyir. O, hər şeydən öncə, “divarların möhkəm olmasına” əhəmiyyət vermişdir. Tarixi mövzu təməli üzərində ədəbiyyat binası tikən şair “təqəddüm və təəxxür”də (anaxronizmdə) eyib görməmiş; “doğru məqsədə dolanbac yollarla getmək iqtidarında olduğundan” bu cəhətdən ona güzəşt edilməsini istəmişdir. “Çünki, – demişdir, – bəzəkli nəzm dilində çox da doğruluq aramazlar”. Bu fikri bizim öyrəşdiyimiz müasir tərzdə söyləmiş olsaydı, Nizami, “ədəbiyyat riyaziyyat deyil, dəqiqlikdən çox, mübhəmlik və fantaziya tələb edir” – deyərdi. Nizaminin “bəzək” dediyi şeyə XIX əsrin filosofu Spenser “duz” demirmi?!.. İnsanlar doğrunu dada gətirmək üçün ona, duz qədər olsa da, yalan qatırlar. Nizami bu “duz”un, öz təbirincə desək, “bəzəyin” meyarını da verir: “doğruya bənzəyən yalan”. Belə bir yalanı o, “yalana bənzəyən doğrudan” üstün tutur. Deməli, XII əsrin mənzum romançısı ədəbi yaradıcılığı eynilə əsrimizin mənsur romançıları kimi anlayır. Kitabın sonunda üzərində daha ətraflı dayanacağımız Nizami sənətkarlığı mövzusu baxımından maraqlı olan bu müqəddimədən sonra şairin Qafqaz haqqında verdiyi məlumatların “bəzək və həqiqət” tərəflərini ayıra bilərik: Iskəndər Nizaminin idealizə etdiyi bir qəhrəmandır. Tarixçilər bu tarixi şəxsiyyətin Qafqaza gəlmədiyini söyləməkdə olsunlar; bu, Nizamini İskəndəri ədəbi bir surət olaraq, buralara gətirməkdən saxlaya bilməz. O, bu barədəki bütün müxtəlif rəvayətəri məmnuniyyətlə qəbul edir, çünki bu, şairə öz qəhrəmanlarının başını ürəkdən maraqlandığı rəvayət və hadisələrdən hörülmüş bir çələnglə “bəzəmək” imkanını verir. Nizami məhəbbətin, qadınlığın, gözəlliyin, ədalət, rifah və sayıqlığın aşiqidir. Canı qədər sevdiyi yurdunun bu barədə olan tarixi və əfsanəvi bütün xatirələrini də sevir və sənətində bu sevgisinin inikasına həvəslə yer verir. Dünya folkloru, tarixi və ədəbiyyatından ona məlum olan hər hansı gözəlliyi də öz sənət süzgəcindən keçirərək, sevdiyi Qafqaza gətirmək Nizami “bəzəkçiliyinin” özünəməxsusluqlarından biridir. Ermənistan və Bərdə hökmdarı olub, gözəl Şirini özünə vəliəhd təyin edən Məhinbanunun əsl adı, Nizamiyə görə, Şəmiradır. Bu adın Neynəvanın (Nineviyanın – red.) əfsanələrə çevrilmiş kraliçası Semiraminin adı ilə əlaqədə olduğu aşkardır. Şübhə yoxdur ki, xəyal ilə həqiqəti bir-birinə qatmaq üsulunu məharətlə tətbiq edən sənətkar, ona məlum olmuş Semirami əfsanəsindən ilhamlanmış və bundan sevdiyi yurdunun keçmişini bəzəmək üçün istifadə etmişdir. Qədim yunan mifologiyasında bir rəvayətə görə Amasyada, başqa bir rəvayətə görə Dağıstanda, indi “Qızlar”adını bir yerdə olduqları qəbul edilən amazonları, Nizami yurdunun tarixində bolluq, abadlıq və gözəlliyi ilə tanınmış Bərdədə yerləşdirmişdir. Nüşabənin təmsil etdiyi “qadınlar səltənəti” qədim amazonlar əfsanəsinə verilmiş “yeni bəzək”dən başqa bir sey deyildir. Bərdədə, həqiqətdə də, bir “qadınlar səltənəti” olmuşdurmu məsələsi mübahisələr doğura bilər. Lakin Məsudinin “Arranın Bağdadı” və İbn Hövqəlin “Rey və İsfahandan sonra, dünyanın ən böyük bərəkətli və gözəl yeri” – deyə tərif etdikləri abad Bərdənin ruslar tərəfindən talan edilməsi, əhalisinin qılıncdan keçirilməsi, gözəl qadınlarının əsir aparılması tarixi bir həqiqətdir. Bu qanlı həqiqəti, ərəb mənbələri kimi, erməni qaynaqları da qeyd edirlər. Yurdunu ürəkdən sevən ustad onun başına gələn faciələri, üstündən yüz illər keçsə də, qəlbən yaşayır, onun ən zəruri ehtiyac və qayğıları ilə maraqlanır, yurdunun bütün ağrılarını ədəbi qəhrəmanları ilə bərabər yaşayır və çarələrini onlara tapdırmaqla, öz vətəndaşlıq və insanlıq borcunu yerinə yetirmiş olurdu. Bunun üçündür ki, Nizami İskəndəri Qafqaza gətirir və burada öz sevdiklərilə dost etmiş, düşmən saydıqları ilə vuruşdurmuşdur. Gözəl kraliça Nüşabənin ruslar tərəfindən qaçırılması, bəlkə də müqəddəsliyə qəsd etmiş düşmənin zülmlərini göstərmək üçün fantaziyadan irəli gələn şairanə bir simvoldur. Fəqət biz bu simvolu bizə yaxın dövrdə, Xəzər sahillərini talan edən kazak basqınlarında da görürük. XVII əsr rus qarətçilərindən məşhur kazak Stenka Razinin oğurladığı “İran şahzadəsi” ilə olmuş macərası məşhurdur. Dərbənd keçidi şimaldan cənuba doğru keçən təhlükələrin tarixdə daimi bir yolu olmuşdur. Qədim İran və ondan sonra ərəb xilafəti buradan keçib “Gülüstan” kimi tanınan Şirvana və daha aşağıda Arran, Muğan, İran Azərbaycanı (qədim Midiya), Ermənistan və Gürcüstana hücumlar edən “çöllülər” və xəzərlərə qarşı mübarizə aparmalı olmuşdur. Məşhur Dərbənd divarları da bu müdafiə məqsədilə tikilmişdir. Tikilməsi Kəyanilərdən Ənuşirəvana aid edilən bu səddi ərəblər təmin edib möhkəmlətmişlər. Ərəblərlə xəzərlər arasında keçən döyüşlər məşhur “Dərbəndnamə”də təfsilatı ilə verilmişdir. Nizaminin əsərində “bəzədilən” bu divarın “səddi-İskəndər” şəklinə düşdüyünü görürük. Qədimlərdə alanlarla xəzərlərin etdiyi şimal hücumları, VIII və IX əsrlərdən etibarən ruslar tərəfindən edilməyə başlamışdır. Bərdənin “İskəndərnamə”də təsvir olunan faciəsi də bu dövrdə baş vermiş qanlı hadisələrin, İskəndər dövrünə qədər “təqəddüm” etdirilən bir “bəzəyi”dir; hətta bilavasitə Nizaminin zamanında baş verib, “Leyli və Məcnun”un ithaf olunduğu Şirvan şahı Axsitan tərəfindən dəf olunan rus təcavüzünün də, şübhəsiz, bu “bəzək”də mühüm rolu olmuşdur. Nizamidə rus ordusunun “müttəfiqi” kimi, “Xəzər”lərdən və “burtas”lardan bəhs olunur. Bu qeydə biz, IX əsrdəki rus hücumundan bəhs edən ərəb tarixçisi Məsudidə olduğu kimi, şair Xaqanidə də rast gəlirik. Rus basqınçıları ilə müttəfiqləri – tarixin bütün dövrlərində Dərbənd keçidini aşaraq Qafqazı və bu tərəfini talan etmiş düşmənlərin bir dövrə sığışdırılmış və son rus vəhşilikləri ilə “bəzədilmiş” bir simvoludur. Bunun müqabilində İskəndərin başçılığı ilə rus təhlükəsinə qarşı duran müttəfiqlər ordusu – müxtəlif tarixi dövrlərdə Şimal təhlükəsinə qarşı durmuş və bu gün də mübarizə etməkdə olan xalqların timsalıdır. Şair qarşılaşan bu iki düşmən qüvvəni əsatir qaranlıqlarına bürünmüş İskəndər dövrü kimi uzaq bir dövrdə çarpışdırırsa da, çəkdiyi tablo və yürütdüyü mühakimələrlə təsvir etdiyi mübarizəni yalnız öz dövrü üçün deyil, bu gün üçün də aktual olan çox real fikirlərlə canlandırır. Şairin rus sərkərdəsinə dedirtdiyi Qafqaz səfərinin cahanşümul əhəmiyyəti və İskəndərin türk dünyası ilə Qafqaz məsələsi və rus təhlükəsi arasındakı münasibətə aid irəli sürdüyü hərbi və siyasi mülahizə, nəhayət, Qafqaza soxulan rusların bütün Yaxın Şərq üçün böyük bir təhlükə olması, bu gün də zehinləri məşğul edən əsas düşüncələrdən biri deyildirmi?! Göründüyü kimi, əsas siyasi düşüncələri baxımından, Nizami yetişdiyi yurdun geopolitik vəziyyətindən irəli gələn daimi qayğıları başa düşmüşdür. Şairin özündən 800 il sonrakı nəsillərə bu qədər canlı olaraq bağlayan şey, şübhəsiz, onun yetişdiyi mühitlə iliklərinə qədər bağlı olmasıdır. Təşbeh və istiarələrində “ağ neft” ilə bu neftdəki alışqanlığa tez-tez müraciət edən bir sənətkarın, qəhrəmanlarına ziyafət verərkən onlara qırmızı şərab süzüb “qaraçay quzusu”nun eyni olan “Bulqar quzusu” yedirdən bir hekayəsinin və ya gözəlin çənəsini “Şəki alması”na bənzədən bir şairin Azərbaycan və Qafqazla hissi, zövq və təbiətcə bağlılığına şübhə etmək olarmı?! * * * * * * Nizaminin ruslar haqqında təsəvvürü Duvalinin İskəndərə məlumatından: Adamlıq gözləməz bir kimsə rusdan Ki bənzər insana yalnız baxışdan! N i z a m i Xəzər dənizi sahillərinin, əvvəlki fəsildə verilən məlumatlardan göründüyü kimi, zaman-zaman rus quldurlarının talançı hücum və basqınlarına məruz qalması, bura əhalisində, şübhəsiz, qanlı xatirələr şəklində yaşamışdır. Nizamidə təsvir olunan Bərdənin qarəti və Nüşabənin əsir alınması ilə bağlı vəhşiliklərdə, xalq içərisində daim təzə qalan bu xatirələrin acı mənasını görməmək mümkün deyildir. Nizaminin dövründə bu acı xatirələrin yeni qüvvə ilə təzələnməsini ehtimal etmək də yerinə düşərdi. Məlum olduğu üzrə, o dövrdə, Şah Axsitanın zamanında şirvanlılar rus basqınçıları ilə şiddətlə döyüşmüş Dərbənd və Şabranı onların qəsbindən qurtardıqları kimi, Bakı limanında və Lənkəranda aşağıda yerləşən Sari limanında 73 gəmidən ibarət rus donanmasını məhv etmişdilər. Şirvan sarayının rəsmi şairi Xaqani tərəfindən tarixi bir qəsidədə təsvir olunan bu döyüş, şübhəsiz, qədim rus vəhşilikləri barədə qanlı xatirələrin yaddaşlarda yenidən canlanmasına səbəb olmuşdur. Eyni zamanda, bu amillərin təsirilə təcavüzə məruz qalan və bundan daim səksəkədə olan xalqın təxəyyülündə rus, iyrənc və qorxunc bir şəkildə təsəvvür olunmuşdur. Xalq ədəbiyyatı (folklor) ilə tanış olanlar, “div” adlanan insana bənzəməyən qorxunc məxluqların, ən qədim çağlarda, babalarımıza üstün gəlmiş düşmənlərin nəsildən-nəsilə verilmiş kabuslarından başqa bir şey olmadığını bilirlər. Orta əsr Şərq ədəbiyyatında qanlı izlər buraxan rus basqınçılarının, bir obraz olaraq, necə təsvir edildiklərini görmək bizə, o zamankı “rus divi” haqqında bir təsəvvür verə bilir. Nizamidə bu baxımdan maraqlı material vardır. Bu materialdan çıxan nəticəyə görə, rus obrazı “pişik gözlü” (bu gözlər kiçikdir və rəng etibarı ilə göydür), sarı saçlı və qırmızı üzlüdür. Ictimai baxımdan ibtidai bir mərhələdədir. Din etibarı ilə mədəniyyətdən çox uzaq, yeganə Tanrı təsəvvüründən məhrum bir bütpərəstdir. Vəhşi bir həyat keçirir. Varlı qonşularını talan etməklə keçinir. Bədəncə iri və güclüdür. Təcavüzkar, cəsarətli və döyüşkəndir. Fəqət silahları ibtidaidir. Bilikdən məhrumdur. Ruslar elmsizdirlər. Cəsarətləri cahillikləri ilə mütənasibdir. Yeddi tayfadan ibarətdirlər. Sayca çoxdurlar. Qonşuları Alanlar, Burtaslar və Xəzərlərlə gah sülhdə və müttəfiq, gah da döyüşdə və düşməndirlər. Nizami öz dövründə yaşayan rəvayətlərə əsasən, İskəndər ordusu ilə qarşılaşan rus ordusundan bir qəhrəman obrazının bizə tam təsvrini verir: Döyüşün altıncı günündə, rus ordusundan adama bənzəməyən div kimi birisi meydana atılaraq, qarşısına çıxan bütün pəhləvanları məğlub edir. Silah batmayan və güc çatmayan bu “div”i, İskəndər, işlətdiyi fəndlə özü aradan götürmək məcburiyyətində qalır və yalnız bu əcayib məxluqun əsir edilməsindən sonra rus ordusu məğlub olur. Təkbaşına bütöv bir müttəfiqlər ordusunu qorxuya salan bu divin necəliyi ilə maraqlanan İskəndərə belə izahat verirlər: “Qaranlıq diyarı”nın (“Zülmat”) yaxınlığında, yolu “tük qədər nazik” olan bir dağ varmış. Burada “evləri” torpaqdan olan “dəmir dözümlü” adamlar yaşayarmış. Əsillərinin nə olduğunu, necə və nədən yarandıqlarını heç kim bilməzmiş, üzləri qırmızı, gözləri göy imiş: qızarkən şirdən qorxmayan bunların biri bütöv orduya bərabər gücə malik imiş. Döyüşə girişəndə, kişili-qadınlı bir bahadıra çevrilir, aləmi xarab edirmişlər. Bunların ölüsünü heç kim görməyib, dirisi də çox az tapılır. (Onlar) çobanlıqla yaşayırmışlar. Satılıq malları yalnız dəri imiş. Qara samur dərisindən başqa dəyərli bir şeyləri yoxmuş. Elə qara samur bunların yerindən başqa bir yerdə tapılmazmış. Qadın-kişi hamısının alnında, kərgədan kimi bir buynuzları olmasaymış, “çirkinlik baxımından” üzləri eynən ruslarınkına bənzərmiş. Yatmaq istərkən bunlar, bir ağaca dırmaşar, başlarını budaqlar arasına soxar, bir div kimi hərəkətsiz halda yuxuya gedərmişlər. Belə asılı bir vəziyyətdə gecə-gündüz yatarmışlar (“Çünki şüursuzluğun nəticəsi yuxudur”). Ruslar birlikdə gələr, bu asılı divə baxar, ehtiyatla ətrafına dolanar, ip və zəncir gətirib onu bağlarmışlar. Möhkəm sarıdıqdan sonra, əlli adam çiyin-çiyinə verib onu ağacdan çəkərlərmiş. Yuxudan ayılan div qorxunc bir surətdə qızışar və bağlandığı zənciri qıra bilərdisə, əlli adamdan birini də sağ buraxmazmış. Zəncir möhkəm və qırılmaz olduqda, onu ehtiyatla Rusiyaya gətirirmişlər. Bu vəziyyətdə saxlanılan divi yedirir, içirir, kənddən-kəndə, ev-ev gəzdirib onu bəsləmək üçün vergi toplayarmışlar. Əjdaha kimi daim zəncirdə saxlanılan bu qeyri-adi varlıq bir vuruş olurdusa, bütün hiddət və qızğınlığı ilə düşmən üzərinə salınırmış”. Hekayətlərdəki qəhrəmanların özünəməxsus keyfiyyətləri, qəhrəmanın mənsub olduğu mühit və cəmiyyətin xarakteri barədə təsəvvür verir. Nizami təsvir etdiyi bu “rus divi” ilə dövründə yaşamış həmyerlilərinin rus haqqındakı təsəvvürlərinə, şübhəsiz, tərcüman olmuşdur. Oxucular “Həft peykər” poemasındakı yeddi iqlimdən olan yeddi gözəlin padşaha hekayə danışdıqlarını xatırlayırlar. Bu hekayələr, bir tərəfdən aşiqi məşuqa meylləndirən, digər tərəfdən də vüsal yolunu min bir naz və qəmzə müşkülləri ilə dolduran novellalardan ibarətdir. Bir sıra əyləncələrlə dolu olan bu xoş və maraqlı hekayələr içərisində yeganə qorxunc və qanlısı rus gözəlinin söylədyi hekayətdir. Şair qırmızı qəsri (gümbəzi) rus şahzadəsi üçün ayırmışdır. Qırmızı rəng qanlılıq rəmzidir. Rus gözəlinin Bəhram-Gura danışdığı eşq dastanı da kifayət qədər qanlıdır. Biri varmış, biri yoxmuş; qızılı saçlı, mavi gözlü bir rus şahzadəsi varmış. Bu şahzadə özünə tilsimli bir qala tikdirmiş və o qaladakı bir qəsrə çəkilib yaşamağa başlamışdır. Elan etmişdir ki, “kim tilsimi qırıb, qalanın qapısını açarsa, ona gedəcəyəm”. Gözəl şahzadənin vüsalına yetmək üçün bir çox gənclər özlərini sınamışlar, amma qalanın tilsimini qıra bilməyib, qoyulmuş şərtə görə, şahzadənin əmri ilə başları kəsilərək qala divarından asılmışdır. Günlər keçdikcə, qala divarından asılan başların sayı on minləri keçmişdir. Nəhayət, bir şah oğlu fədakarlıq əlaməti olaraq, əyninə qırmızı köynək geymiş və qalanı almağa qərar vermişdir. Məqsədinin “qanlı” şahzadənin əlini deyil, başı kəsilən minlərcə günahsız gəncin intiqamını almaq olduğunu elan etdiyi üçün xalq bu cəsarətli adamın ətrafına toplaşır. Nəticədə qırmızı köynəkli fədai tilsimli qalanı almağa müvəffəq olur. “Qırmızı” gənc “qanlı” şahzadə ilə evlənir və rus taxtına çıxır. Bunun üçün də ona “qırmızı çar” deyirlər. “Həft peykər”in digər hekayətləri ilə bu hekayət arasında yuxarıda deyildiyi kimi, çarpacaq bir fərq vardır. Bu, qorxunc və qanlı olduğu halda, o birilər xoş və zərif hekayətlərdir. Oxuculara nümunə üçün bunlardan ikisinin məzmununu aşağıda veririk: a) Qara qəsrin gözəli hind şahzadəsi Bəhrama bu hekayəti danışır: Çinin bir yerində, zahirən heç bir səbəb yox ikən, əhalisi qara geyinmiş və bunun səbəbini söyləməyən bir “susmuşlar şəhəri” (“şəhri-xamuşan”) varmış. Bu matəmli şəhərin sirrini açmaq üçün bir padşah, qiyafəsini dəyişərək əhaliyə qarışmış və tanıdığı bir dost vasitəsilə, aradığı sirri öyrənməkdən ötrü ona göstərilən bir səbətə oturur. Səbət dərhal havaya qalxmış və onu göydəki pərilər diyarına gətirmişdir. Burada, padşahı, pərilər hökmdarı çox yaxşı qəbul etmiş, şərəfinə təmtəraqlı ziyafətlər düzəltmişdir. Bu gecələrdə qonağı ilə əslində eşqbazlıq edən pərilər hökmdarı, təhrik etdiyi kişilik odunu söndürmək üçün yatağına özü getməz, cariyərlərdən birini göndərərmiş. Bu minvalla gecələr təkrar olunarmış. Qırxıncı gecə bizim yerli bu göylü pəridən əl çəkməməyə qərar verir: “Heç bir cariyəni qəbul etmirəm, yalnız səni istəyirəm” – dedikdə, pərilər hökmdarı: “bir anlığa gözünü yum, hazırlaşım” – deyir. Bizim qəhrəman sevinclər içində gözünü yumur, fəqət açdıqda özünü yerdə, həmin səbətin içində görür. Buna görə, o da o biri “susmuşlar” kimi qara geyinib sükuta dalmışdır. b) Sarı qəsrin gözəli – ikinci iqlim şahzadəsi bu hekayəti danışmışdır: Həzrət Süleyman ilə arvadı Bilqeyisin əli şikəst, ayağı topal xəstə bir uşaqları varmış. Arvad ərinə: – Nə olar, Allahdan bu uşağa şəfa diləsənə! – deyir. Süleyman bir gəlişində məleykə Cəbrayıla bunu açmış, Cəbrayıl təkrar gəlişində Allahın məsləhətini Süleymana bildirmişdir: “Atası ilə anası həqiqəti çəkinmədən etiraf edərlərsə, uşaq dərhal yaxşılaşar!”. Bunun üçün Süleyman Bilqeyisdən soruşmuşdur: – Məndən başqa bir kişiyə meyl edirsənmi? Bilqeyis deyir: – Sən həm gözəl, həm varlı, həm də ağıllısan. Daha kamil bir kişi təsəvvür etmirəm. Amma etiraf edirəm ki, hər hansı gözəl gənci görəndə ürəyimdə bir arzu duyuram. Anası bu sözləri bitirən təki, xəstə uşaq qollarını açaraq – Əhsən, anacan! – deyir. Bu dəfə də arvad ərinə müraciət edir: – Di tez ol, indi də sən həqiqəti söylə! Süleyman deyir: – Sərvətim başımdan aşır. Allah məni hər şeydən ehtiyacsız etmişdir. Amma etiraf edirəm ki, biri mənə pul və sərvət təklif edərsə, rədd etmərəm. Dərhal uşaq: “Əhsən, atacan!”, – deyə yeriməyə başlayır. “Həft peykər”dəki dörd hekayət də bu və ya digər dərəcədə belə səciyyəli xoş şeylərdir. Hamısının məzmununu, təbii ki, nəql edə bilmərik; söz uzanmış olar. Rusiyaya aid hekayətdə, etiraf etmək lazımdır ki, yaşadığımız günlərin reallığını andıran bir xüsusiyyət vardır: Yalnız çarlığın qanlı rejimini təmsil edən qəddar şahzadə ilə deyil, bu hekayət, sözdə məzlumların intiqamını almaq üçün ayağa qalxmış ikən, işdə şahzadə ilə evlənərək, taxta çıxan kimi qırmızı demaqoq obrazı ilə də bu cəhəti təsdiq etməkdədir. Hərbi qəhrəmanlarını kərgədan buynuzlu bir div, gözəllik şahzadəsini də minlərcə məsum gəncin qanına bais bir qəddar şəklində təsəvvür etdiyi rusun siması, Nizaminin nəzərində “çirkin”dir (“zeşt”). Kərgədan buynuzlu qəhrəmanı ilə qara qəlbli gözəlini bir kənara qoysaq belə, özgəgüdər şüarlar altında öz məqsədlərini güdən demaqoq inqilabçısı ilə də, rus siması, Nizaminin zahir ilə batinin ahəngindən doğan gözəllik məfhumuna görə çirkindir. Iskəndərin etdiyi iki böyük döyüşdən biri Misirin zəncilərdən müdafiəsi, o biri də Qafqazın ruslardan xilas edilməsi üçün aparılmışdır. Iskəndərin gördüyü işləri xülasə edərkən, Nizami digər əməlləri içərisində bunu da qeyd edir: Ze souda-ye hendu, ze səfra-ye rus Foru şostəm aləm ço beyt-ol-ərus. Çin imperatoruna yazdığı məktubda, İskəndər “atəşpərəstliyi aradan qaldırdım, rusların da kökünü kəsdim” – deyə öyünür: Foru şostəm əz molk rəsm-e məcus Bər avərdəm atəş ze dərya-ye rus. Rus təcavüzünə məruz qalmış Qafqazın xəbərini İskəndərə gətirən Duvali isə basqınçıları bu sözlərlə təsvir edir: Setanənd keşvər, qoşayənd şəhr Ke xaman-e xəlqənd-o-dunan-e dəhr. Həme rəhzənanənd çun qorg-o-şir, Be xan natəvanənd, bər xun dəlir. Ze rusi nəcuyəd kəsi mərdomi Ke coz surəti nistəş z-adəmi. Türkcəsi: Bunlar, dedi, şəhər yıxar, yaxarlar, Dünyanın qəddarı, alçaqlar, xamlar. Qurd kimi yırtıcı, vəhşi və xunxar Yemək vaxtı aciz, qanlı və qəddar. Adamlıq gözləməz bir kimsə rusdan Ki bənzər insana yalnız baxışdan. * * * * * * Nizaminin qadına münasibəti Bir şəxs qadındır deyə namərd sayılmaz, Namərd ona derlər ki, onun qayğısı olmaz. Dünyada nə qədər aslan kimi erkək qadın var, Erkək sayılan çoxları var ki, qadındırlar! N i z a m i Dərya qədər əngin və zəngin ilhamının doğurduğu qiymətsiz əsərlərindən Nizaminin yetişdiyi mühit ilə əlaqəsini aydınlaşdırmaq məqsədi ilə seçdiyimiz mövzulardan dörd əvvəlki ilə müqayisədə, bu beşincisinin məsələ ilə birbaşa əlaqədar olmadığı düşünülə bilər. Amma aşağıda görəcəyimiz kimi, “Xəmsə”də bəhs olunan müsbət qadın surətlərinin də hamısı Qafqaz, ya da türk möhürünü daşıyır. Bundan başqa qadınlıq haqqındakı Nizami görüşlərinin də, daha çox Qafqaz və türk dünyasının özünəməxsus həyat tərzi və ənənələrindən mayalandığı da görünməkdədir. Təsvir etdiyi qadın obrazlarından ən qüvvətliləri olan Şirin – erməni, Nüşabə - bərdəli (Azərbaycan), çinli kəniz isə türkdür. Yazı silsiləsinin məntiqini təmin etmək üçün hələlik bu qeydlə kifayətlənək; müddəanın nə qədər haqlı olub-olmadığını isə, ardıcıl dəlil və materiallara əsasən oxucu özü müəyyən edər. Nizaminin əsərlərində iştirak edən qadınların hamısında qeyd olunacaq keyfiyyətlər vardır: Şemirami (Məhin-banu) Ermənistan, Muğan və Arrana hökmdarlıq edən bir kraliçadır. Bu qadının idarə etdiyi məmləkətlər abad, xalq da əmin-amanlıqdadır. Sasani hökmdarı Xosrovun sevgilisi Şirin bu kraliçanın vəliəhdidir. Iran şahzadəsinə vurulduğunu görən Şirinə verdiyi öyüd, Şemiraminin hökmdarlıq hikmətinin ən böyük əsasına nüfuz etmiş bir zəkaya malik olduğuna sübutdur: “şəxsi eşqinə, amandır, dinini və izzəti-nəfsini qurban vermə! Çünki bu, dövlətimizin təməlini sarsıdar”, – deyir. Bərdədəki “qadınlar səltənəti” və gözəl Nüşabə haqqında yuxarıda danışıldı. Bu səltənətdə hökm sürən rifah, ədalət, xoşbəxtlik və gözəlliyi qeyd etməklə, şair, ikinci dəfə qadınlığın şəfqət, quruculuq və səadət mənbəyi olduğunu bildirmişdir. Leyli Ərəbistan şəraitində qadınların məruz qaldığı haqsızlığa zahirən boyun əysə də, əslində özünü sevgilisinə fəda etməklə səssiz bir mübarizə və mətinlik göstərir. Bizanslı Məryəmin simasında şair hesab üzrə ərə getmiş, rəqiblərinə qarşı amansız, qısqanc bir qadın obrazını yaratmışdır. Qadına mənfi Şərq münasibətini bu qısqanc arvadın dili ilə bildirən şair, bu adi qadın surətində də özünə xas bir xarakter (səciyyə) təsvir etmişdir. Şirini qısqandırmaq niyyətilə Xosrovun İsfahandakı “görüş evi”ndə tapdığı Şəkər adlı yüngül qadına belə Nizami bir fəzilət vermiş, ona pozğunluq içərisində ismətini qoruya bilmək kimi yüksək keyfiyyət bəxş etmişdir. Çinli türk kənizi obrazı barədə əvvəl bəhs olunmadığı üçün daha ətraflı məlumat vermək istərdik: Iskəndər ilk dəfə Çində olarkən Xaqan tərəfindən ona, şairin “tork-e çini” adlandırdığı bir cariyə bağışlanır. Gözəlliyi ilə bərabər, bu “türkün” həm musiqi və rəqsdə, həm də igidlikdə mahir olduğunu İskəndərə bildirirlər. Qadınlarda igidliyi xoşlamayan İskəndər bu gözəli qəbul edirsə də, dərhal unudur. Qafqazda İskəndərin ordusu ilə rus ordusu qarşılaşır. Qəhrəmanlar növbə ilə təkbətək döyüşə çıxırlar. Döyüşün beşinci günü İskəndər ordusundan meydana atılan naməlum bir gənc əvvəl rum ordusunun bir çox ünlü qəhrəmanlarını öldürmüş pəhləvanı öldürərək qarşısına çıxan bir çox rəqibləri də yerə sərir; qaranlıq düşəndə özünü tanıtmadan qərargaha dönmüş və ordu içində qeyb olmuşdur. Ertəsi gün rus ordusundan döyüş meydanına insana bənzəməyən div təki birisi çıxır. Silahlı olmadığı halda, heç bir zərbə və silahdan qımıldanmayan bu div, qarşısına çıxan bütün igidləri – kimisinin başını üzərək, kimisinin qıçlarını qıraraq, kimisini ayaqları altında əzişdirərək – məhv edir. Iskəndər ordusunu qorxu bürüyür. Belə böhranlı anda dünən rus qəhrəmanlarını bir-birinin ardınca yerə sərərək ətrafı vəlvələyə salan gənc yenidən meydana atılır. Fəqət gəncin rus divinə bütün qüvvəsi ilə endirdiyi zərbələrin heç bir təsiri olmur. Bütün gücü ilə vurduğu polad toppuzlar belə divin başına dəyərək parça-parça olurlar. Nəhayət, gənc ilə div güləşməyə başlayırlar. Güləşmə qüvvətdə misilsiz olan divin üstün gəlməsi ilə bitir. Amma başından dəbilqəsi düşən gəncin gözəllik və incəliyi ilə meydana çıxan qızlığına qıymayan div onu öldürmür – saçlarından tutaraq rus qərargahına gətirir. Döyüşün yeddinci günü İskəndər özü meydana çıxır. Ortada dayanmış rəqibsiz rus divinin boynuna atdığı kəməndlə onu yıxıb sürükləyir və ordunun içinə çəkərək bağlatdırır. Rus divi həbs edilir. Divin məğlubiyyətindən ruhlanan İskəndər ordusu ümumi bir hücum ilə rus ordusu üzərinə yeriyir. Meydan müharibəsi rusların məğlub olması və baş komandanı Qıntalın əsir edilməsi ilə bitir. Bu qələbədən sonra İskəndər, adəti üzrə, hərbdə qəhrəmanlıq göstərmiş olanlara, düşmən tərəfdən olsalar belə, iltifat göstərmək üçün zəncirləmiş olduğu rus divini hüzuruna gətirir. Əl-qolunu açdırır. Onu lütf və nəvazişlə yumşaltmaq istəyir. Əl-qoli açılan vəhşi isə dərhal qaçır, gözdən uzaqlaşır. Qərargahdakılar bu əcayib hərəkəti özlərinə görə yozmağa başlayırlar. Kimi vəhşinin çöllüyə öyrəşdiyi üçün öz səhrasına qovuşmaq arzusunun üstün gəldiyini, kimi də qoyub gəldiyi heyvanları üçün qəribsəmiş olduğunu hökm edir. Iskəndər də etdiyi hərəkətin şübhəli nəticəsi barədə fikrə dalır. Hamı bu qəribə hadisəni özü üçün təhlil etməkdə olduğu zaman baxırlar ki, div qolları arasında gözəl bir qız gətirir. Çatar-çatmaz bu əcayib məxluq İskəndərin qarşısında diz çökür və gözəli ona təqdim edir. “Ay qədər” gözəl olan bu qız İskəndəri maraqlandırır. Onu çadırına aparır. Danışdırır. Başına gələnləri öyrənmək istəyir. Məlum olur ki, bu, Çin xaqanı tərəfindən İskəndərə hədiyyə olunmuş “türk gözəli”dir. Padşahın laqeydliyindən sıxılmış, vuruşmaq qərarına gəlmişdir. Bütün ordunu heyrətdə qoyan naməlum gənc bu imiş. Rus divi, qız olduğu üçün onu öldürməmiş, aparıb ruslara əsir etmişdir. Ruslar onu həbs etmişlər. Ətrafını “çirkin səsli və çirkin sözlü” ruslar bürüdüyü halda, onu tutan div təkrar götürüb İskəndərin yanına gətirmişdir. Qadınlarda igidliyi bəyənməyən Rum imperatorunun münasibətini öz cəsarəti ilə dəyişmiş bu qızdan, şair “İskəndərnamə”nin ikinci hissəsində təkrar bəhs edir: İskəndər bu qəhrəman “türk gözəli”ni vəziri filosof Arximedlə evləndirir. “Çin türkünün hüsnünə” vurulan Arximed vəzifəsini yerinə yetirməməyə başlayır; o dərəcədə ki, axırda İskəndər işə qarışır və “eşq tələsinə düşmüş” filosofu ayıltmalı olur. Qadınlıqda böyük İskəndərin münasibətini dəyişən mərdliyin bu timsalı ilə yanaşı, Nizami qadınlıqda zəka və qadınlıqda biliyin daha bir nümunəsini vermişdir: “Həft peykər”də Bəhram Gurun ox atmaqda məharətindən bəhs edərkən şair, padşahın xoşladığı çinli türk gözəli bir kənizlə baş vermiş macərasından da danışır: Günlərin bir günü Bəhram məiyyəti ilə bərabər ova çıxır. Müxtəlif əyləncələrlə keçən bu gündə padşah çoxlu ov ovlayır. Bəhram hər kəsin təqdirini qazanmış atdığı oxlara, yalnız Fitnə adlı bu çinli kənizin soyuq bir tərzdə seyirçi qaldığını gördükdə: − Bax, bir ceyran gəlir, onu necə istəyirsən vurum? – deyə müraciət edir. Cariyə: − Bacarırsansa, dal ayağı ilə qulağını bir-birinə tik! – deyir. Padşah, əvvəlcə yayına kiçik bir çınqıl daşı qoyaraq, heyvanın qulağını vurur; heyvancığaz arxa ayağı ilə gicişən qulağını qaşıyarkən, atdığı nazik bir oxla dərhal ayağı qulaqla bir-birinə tikib qıza dönərək: − Necədir? – deyə soruşur. Məğrur kəniz laqeyd bir tərzdə: − Burada nə var ki, bu, məşqin nəticəsidir!.. – deyir. Padşah qızın bu dikbaşlığından qəzəblənərək onu yanındakı sərkərdələrdən birinə verib: − Götür, bunun işini bitir! – deyir. Məhkum qız sərkərdəyə yalvararaq deyir: − Məni öldürmə, gizli bir yerdə saxla. Görərsən, günlərin birində padşahın qəzəbi keçəcək, mənim halıma acıyıb məni axtaracaq. O zaman salamat olduğumu bilib sevinəcək. Bu sevinclə həm mən xilas olaram, həm də sən qazanarsan. Saxlandığı gizli yerdə isə Fitnə yenicə doğulmuş bir buzovu hər gün iki-üç dəfə çiyinlərinə alaraq gəzinməyi və yaşadığı evin nərdivanları ilə qalxıb-düşməyi adət edir. Bu minvalla xeyli müddət keçir. Zaman keçdikcə yaşlı bir öküzə çevrilən heyvanı zərif bədənli cariyə eyni cəldliklə nərdivanlarla çıxarıb düşürərmiş. Günlərin birində padşah həmin sərkərdəyə: “hayıf o cariyədən!” – deyir. Bu xəbəri alan ağıllı cariyə hamisi olan sərkərdəyə məsləhət görür ki, padşahı olduğu yerə qonaq çağırsın. Sərkərdə bir bəhanə tapıb padşahı dəvət edir. Söhbət əsnasında, sərkərdə onu şərəfləndirmiş padşaha fövqəladə qüvvəyə malik cariyəsindən bəhs edir və padşah həmin cariyəni görmək istəyir. Bu zaman çinli cariyə, adəti üzrə, böyük öküzü çiyinlərinə alaraq nərdivanla yuxarı çıxarır və gətirib düz Bəhramın qarşısında yerə qoyaraq padşaha: “Gücümü gördünmü?” – deyir. Padşah: − Bəli, – deyir, – bu, bir məharətdir. Amma güc yox, yalnız məşq nəticəsində mümkündür! Yəni kiçik bir buzov ikən bu heyvanı çiyinlərində aparmış və təkrarlanan məşqlər sayəsində bu nəticəni əldə etmisən!.. Qız cilvələnərək: “Bizim öküzə məşq deyirsiniz, amma sizin gura məşq deyənlərə ölüm, eləmi?!” – deyir. Bu kinayəni eşidən padşah diqqətlə baxaraq öz “türk”ünü tanıyır, onun ölmədiyinə sevinir, dərhal qaçıb boynuna sarılır və gül yanaqlarından öpür. Məşqlə qazanılmış məharətin də qiymətli olduğunu qeyd edən padşaha haqq qazandıran Fitnə, vaxtı ilə onu qəzəbləndirmiş şıltaqlığının səbəbini izah edərək deyir: “Padşahım, göstərdiyiniz məharət fövqəladə bir şey idi, göydə mələklər, yerdə insanlar o sərrastlığa heyran idilər. Bütün gözlər o anda sizə qibtə və heyranlıqla baxırdı. Mən də bu sərrastlığa məftun və heyran idim. Yalnız sizi bəd nəzərlərdən qorumaq üçün elə laqeyd bir görkəm aldım!.. ” Üzüründə də günahında olduğu kimi qüdrət göstərən bu incə məxluqu Bəhram canı kimi bağrına basır və bu “günahkar” cariyəni yalnız bağışlamaqla kifayətlənməyib, onu özünə nigahlamaqla da xoşbəxt edir. Beləliklə, çinli cariyə həm özü qurtulur, həm də hamisi olan sərkərdə mükafata layiq görülür. “İskəndərnamə”də dövrünün alim və filosoflarını aciz qoyan qibti Məryəm hekayəti də vardır ki, öz səyi ilə, müasir istilahla desək, avtodidaktik olaraq yetişən bu alim qadın obrazının sərgüzəştini bütünlüklə danışsaq, sözü həddən artıq uzatmış olarıq. Nizamidə kişilər kimi ata minən, vuruşan, eyş-işrət içində ismət və namuslarını, qiymət və şərəflərini qoruyan qadınlara aid çox canlı və şairanə misallar tapa bilərsiniz. Amma şairin təsvir etdiyi ən gözəl, qüvvətli və kamil bir qadın obrazı, şübhəsiz, Şirindir. Bir tərəfdən ən ülvi sevgi ilə Xosrova aşiq olan bu şahzadə, o biri tərəfdən də qadınlıq şərəfini uca tutan bir insandır. Eşqin verdiyi zəifliklə təslim olma uçurumunun ta kənarına qədər gələn Şirin, ləyaqətinin, qadınlıq şərəfinin verdiyi qüvvətlə sarsılmadan dayanır, aşiqindən özünə qarşı bərabər münasibət tələb edir. Hər hansı bir normal qadında olduğu kimi, Şirində də iki daxili duyğu daimi bir mübarizədədir. Qadınlıq hissi ilə sevir, aşiq olur. Təkliyə qatlanır. İllərcə gözləyir. Fərhad kimi fədakar aşiqə şəfqət göstərsə də, əsl məqsədindən dönmür. Dözümlülük sayəsində, müqavimət və qeyri-adi mətinliyi nəticəsində istədiyinə istədiyi şəkildə nail olur. Eşqdən irəli gələn bütün zəiflik və iztirablarına baxmayaraq, həyatda namus prinsipindən əl çəkməyən Şirinin ölümü də namusladır. Əri Xosrovun öldürülməsindən sonra özünü öldürən Şirin haqqında Nizami, “Şirindən başqa bu dünyada heç kəs özünü başqası üçün öldürməmişdir” – deyir. Ərinin ölümünə dözməyib ölən qadınlar yox deyil. Fəqət Şirinin haqqı vardır: heç kim bir başqası üçün bu gözəlliklə ölməmişdir. O, ərinin məzarı üstünə dərdini azaltmaq, ağlamaq üçün gedən yaslı bir qadın kimi deyil, sevgilisinə qovuşmaq üçün yollanan xoşbəxt bir gəlin kimi gedir və bu “gəlin otağından” bir daha çıxmır. Erməni şahzadəsi Şirin – xristian, İran şahzadəsi Xosrov – atəşpərəst idi. Qəribə deyilmi ki, qədim İran əfsanəsinin təsvir etdiyi bu məhəbbət, eyni coğrafi ərazidə cərəyan edən daha sonrakı məhəbbətlərin əsasını ehtiva edir: məsələn, xalq eşq dastanlarından birinin qəhrəmanları Kərəm – müsəlman, Əsli də xristiandır. Müxtəlif millət və dinlərə mənsub qonşular arasındakı böyük bir eşq dastanları dünya ədəbiyyatının məlum mövzularındandır. Nizaminin qadın haqqındakı görüşlərini yaratdığı fəzilətli qadın surətlərinə görə müsbət olaraq müəyyən etmək mümkündür. Fəqət, Nizami, bizcə, qadın azadlığı və isməti haqqındakı fikirlərini türk köçərilərindən qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır: Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. Iskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. Onlara böyük iltifat göstərib fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyyə edir: “Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” – deyir. “Üzünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!” – deyə xəbərdarlıq edir. Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra nə cavab versələr yaxşıdır? Qıpçaq bəyləri İskəndərə deyirlər ki: “Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik. Əhdimizdə dayanmışıq. Fəqət, üz örtmək bu əhdə daxil deyildir: çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as! Bir göz qapanarsa, nə ayı görər, nə də günəşi! Hökmdar nə əmr edərsə, yerinə yetirməyə hazırıq! Canımızı belə istəsə, verərik. Yalnız öz adətlərimizdən əl çəkmərik!” Şəhərli İran – Bizans mədəniyyətinin nümayəndəsi olan İskəndər ilə çöllü türk mədəniyyəti nümayəndələri olan qıpçaq bəyləri arasında keçən bu dialoq səhnəsi, ta 20-30 il bundan əvvələ qədər Türk-İslam dünyasını güclü şəkildə məşğul edən mübahisələrə bənzəmirmi? Nizaminin qıpçaqları bizim liberal düşüncəli inqilabçılarımızla eyni mövqedə deyildirlərmi?! “Qadının saçı uzun, ağlı qısadır”. “Qadın təbiətən alçaqdır”. Qadın əleyhinə deyimiş bu fərmanlara Nizamidə də rast gəlirik. Fəqət şair bu tipli ikinci dərəcəli qəhrəmanlarının dilindən verir. Nizaminin əsərlərində qadınları ən çox pisləyən qadındır. Amma qısqanclıq odu ilə ərini gözəl və ağıllı rəqibinə vurulmaqdan çəkindirmək istəyən bir qadın. Rəqibi Şirini əri Xosrovun gözündən salmaq üçün bizanslı şahzadə Məryəm, qadınlar haqqında bunları söyləyir: “Qadınlar şeyxlərə bənzərlər: içdən xəbis, çöldən nəfisdirlər. Heç vaxt atda, qılıncda və qadında vəfa axtarmazlar. Vəfa deyilən şey kişidir. Qadına necə etibar etmək olar? Qadın dedinmi, mərdlikdən əl çək. Kişilər çox düşündülər, daşındılarsa da, heç bir qadında düzlük tapmadılar. Qadının sol böyürdən yarandığını söylərlər, heç əyridən də düzlük gözlənilərmi?”. Bunlar rəqiblik və qısqanclıq hissi ilə söylənmiş səfeh sözlərdir. Nizamidə qadın ruhunun, müasir Avropa ədəbiyyatında da tez-tez rast gəldiyimiz psixoloji təsirinə də təsadüf olunur. Leylinin ərə getməsi xəbərini eşidən Məcnuna yaxın adamları bu sözləri deyirlər: “qadın ikiüzlü bir məxluqdur; zahirən barışçı, daxilən savaşçıdır, düşmən olursa, dünyanı yıxır, dost olursa da canı yaxır. “Et!” desən istəməz, “etmə!” desən can atar. Sən kədərli ikən o sevinir, sən sevinirkən o kədərlənir; bu, hələ yaxşılarının təsviridir, pislərindən Allah saxlasın!”. Leylinin istəyərək deyil, zorla, yalnız zahirən ərə getdiyini aşkara çıxarmaqla, şair qadınlar haqqındakı bu hökmündə də qəti və haqlı olmadığını göstərir. Nizami qadınlara şamil edilən pisliklərin onlara fitrən xas olmadığına, kəsb edimiş bir cəhət olduğuna inanır və bu qənaətini əri Xosrovun məzarı başında özünü öldürən Şirin haqqında yazdığı bu sözlərlə bildirir: “Afərin Şirinə və onun şirin ölümünə! Afərin can verib can almasına! Eşq üçün belə ölmək lazımdır. Canana belə can vermək gərəkdir. Hər qadın olan namərd deyildir. Əsl qadın – arsız kişidir. O qədər qadınlar var ki, aslan kimi kişi, o qədər kişilər var ki, qadına taydırlar!” “Bu sözləri şair XII əsrdəmi yazmışdır?” – deyə heyrət edirsiniz?.. Etməyin! Çünki şair 800 il əvvəl yaşamışsa da, bu sözləri türk ənənələrindən, Qafqaz şəraitindən ilham alaraq yazmışdır. * * * * * * Mövzulardan çıxan nəticə Farsçılığı yox onun, Türklüyə çox bağlıdır. Qafqaz deyə zövq alır, Rusdan canı dağlıdır. Gözəl qadın tipləri Ya türk, ya qafqazlıdır. Şübhəmiz yoxdur ki, o, Bir azərbaycanlıdır. M. Ə. R. Təhlil etdiyimiz mövzuların sayını artırmaq istəsəydik, Nizamidə bəhs etdiyimiz beş məsələyə, hər şeydən əvvəl, “Nizamidə aktuallıq” fəslini əlavə edərdik. Şairin yaşadığı mühitlə qəlbən bağlı olduğu bu bölümdə də, bir sıra maraqlı cəhətləri ilə meydana çıxardı. Nizamidə aktuallıq ayrıca bir mövzu təşkil edə bilməz. Adi fikirlərini belə əfsanələrlə hekayətlərin, təmsillərlə təşbehlərin rəmzi dili ilə söyləməyi sevən şair heç bir zaman, müasir terminlə desək, bir publisist mövqeyi tutmamışdır. Bunun üçün də, Nizamidə “aktuallıq”, yalnız “qissədən hissə” çıxarmaq tipli bir “qüriz” (qaçmaq) şəklini almışdır. Əsərlərinə yazdığı ithaflar vasitəsilə, şairin müraciət etdiyi hökmdarlara yurdsevərlik barədə öyüdlər verdiyini bilirik. Bunlardan başqa, onun tarixi şəxsiyyətlərdən bəhs edərkən, zamanındakı mövqe və iqtidar sahiblərinə müraciətlə, bir neçə misrada yol göstərdiyi də görünür. Məsələn, İskəndərin yanında Ərəstu (Aristotel) kimi filosof bir vəzir olduğunu qeyd edərkən, şair, dünyada müvəffəq olmuş padşahları, ardıcıl şəkildə gözdən keçirir və hamısının yanında bir ağıllı vəzir görür: Səlcuqi Məlik şah, Qəznəvi Mahmud, Sasani Ənuşirəvan kimi... Bununla da şair müasirlərini ayıq salmaq istəyir. Nizamiyə görə, padşahın yanılmağa və sözün tam mənası ilə sarsılmağa haqqı yoxdur. Bunun üçün də yanında ağıl, tədbir, rəy və vicdan sahibi olan bir vəzirə ehtiyacı vardır. Mənim və sənin ayağımız büdrəyə bilər, amma padşahınkı büdrəməməlidir; yoxsa dövlətin başı dönər. Aktuallığa aid “Nizami görüşlərindən”, şairin məmləkət və yurda olan hissi bağlılığını göstərən ən canlı misal Bərdə haqqında yazdığı parçadır. Azərbaycanın və yaxud, daha dəqiq desək, Arranın tanınmış mərkəzi Bərdənin tarixi zənginlik və abadlığına dair rəvayətlərdən bəhs etdiyi əsnada, Nizami içini gəmirən bir əzabla özünü saxlaya bilmir: yurdunun səfil bu gününə nəzər salaraq, bunları yazır: – İndi ora xaraba bir saray təsiri bağışlayır. Çiçəklər tamamilə solmuş, nə nardan, nə nərgizdən əsər qalmamışdır. Quru otla bataqlıqdan başqa, indi orada heç nə görməzsən! – Nə üçün?!.. Bu sual, məlum olur ki, şairin yurdsevər zehnini rahat buraxmır. Qəlbi ağrıdan bu suala o, dövrünü amansız surətdə tənələyən misralarla cavab verir: – Çünki o yaşıllıqlar toxumdan deyil, ədalətdən bitmişdi!.. Fəqət şair bu gündən kədərlənsə də, “sabah”dan ümidsiz deyil: o mədəniyyət yenidən dirçəlsə, buralar əvvəlkindən də abad olar. Şair öyüdünü dövrünün padşahını ayıltmalı bu sözlərlə bitirir: “Padşah başqa məşğuliyyətlərdən əl çəksə, bura yenidən canlanıb gözəlləşər”. Məmləkət və yurd qayğısı ilə çırpınan şairdə əsrinin təəssübü vardır. “Qissədən hissə” çıxaran “qüriz”lərindən birində, şair, bu hissiyatına sərbəstlik verir – çağdaşlarının yaxşı müsəlman olmadıqlarını şiddətlə qamçılayır. Qissəni biz də bilirik: Sasani padşahı Hörmüz, gözünün işığı, bircə oğlu Xosrovu, nisbətən əhəmiyyətsiz bir günah üstündə, ədalət yerini tutsun və başqalarına ibrət olsun deyə, şiddətlə cəzalandırır. Bu hadisəni danışarkən Nizami, gözlənilmədən, sözü tarixdəki atəşpərəstlik vəziyyətindən zamanındakı müsəlman gerçəkliyinə keçirir: dövründəki ədalətsizlikdən, “min günahsızın qanı töküldüyü halda, bir zalımın burnu qanamadığından” alışan şair, qədim dövrdəki “gəbrliyə” qibtə edir: “onlar gəbr idi, biz müsəlmanıq. Gəbrlik o isə, müsəlmanlıq hansıdır?!” – deyə ağır kinayə daşını zəmanəsinin ədalət yolundan dönmüş üzünə çırpır. Ədalət – şairin Tanrıya tapındığı kimi müqəddəsləşdirdiyi bir idealdır. O, bu idealının gerçəkləşməsini istəyir; onun bu gün deyilsə də, sabah gerçəklşəcəyinə inanır. O, inandığı bu idealın “keçmişdəki örnəyini” nəzmə çəkir. “İskəndərin idarəsi” poetikləşdirilmiş keçmişdən bir örnəkdir. Azərbaycan və Qazfaz şəraitində yetişmiş müsəlman Nizami, hissiyyat baxımından xalis bir türkdür. Elə bu kifayətdir ki, türklüyü sevdiyi üçün bütün varlığı ilə bağlandığı ədalət idealını “türk dövləti” şəklində təsəvvür edir: “adil olmayan, türk də ola bilməz!” – deyir. Ruhən bu dərəcədə türk olan şairin, zamanındakı danışıq dili, şübhəsiz, türk dili idi. Yuxarıda oxucularımızla bərabər gözdən keçirdiklərimizdən başqa, bu fikri qüvvətləndirən bir-iki dəlil də vardır. Çinli türk xaqanının İskəndərə bağışladığı bir şahin quşundan bəhs edərkən, Nizami, “Toğrul” adlı quşlar şahı bir şahin ki, sultanlıqda Toğrul kimi kamil idi” deyir. Mahmud Kaşğarinin “Divan-u luğat-it-türk”ündə bir kişi adı olan Toğrulun, həm də “min qaz öldürüb, bir dənəsini yeyən yırtıcı bir quş” demək olduğunu gördükdə, yalnız quş ilə sultan adları arasındakı cinasın mənasını deyil, eyni zamanda, ustadın türk dilinə nə dərəcədə vaqif olduğunu da öyrənirik. Nizami, türk olmaları bəlli olan tanrılardan bir süvariyə, xüsusi isim olaraq, Qarınca adını verir. Bu isim farsca qarşılığı olan “mur” sözü ilə bir cinas da yaradır. Iki dil arasınakı özünəməxsusluğa əsaslanan sənətindəki bu incəliklərə nəzər saldıqda, farsca yazan Nizaminin, türkcə danışdığını iddia edənlər heç də fantaziyaya uymuş sayıla bilməzlər. Məqsədimiz təhlil edilmiş mövzulardan bir nəticə çıxarmaq idi; birdən özümüzü çəkilmə halında olan böyük sənət ümmanının məna sədəfləri ilə dolu dərinliklərinə dalmış gördük. Bu məna inciləri ilə dolu sənət sədəflərindən seçə bildiklərimizi toplayaraq, bir an əvvəl, özümüzü nəticə sahilinə atmağı lazım bildik; yoxsa mənimsənilməsi mümkün olmayan bu coşğun ümman, yeni qabarma dalğaları ilə bizi də, seçdiyimiz “nəticə sədəfləri”ni də alıb aparardı. Allah bərəkət versin ki, Nizami mövzularındakı sənət və hikmət ünsürləri üzərində fikir yora-yora etmiş olduğumuz cəhd, böyük ümmanın bu çəkilmə və qabarmaları önündə, az da olsa, manevr edə bilməyimizə imkan verdi. Beləliklə, bu can qurtaran dəstəyə söykənərək təhlil etdiyimiz mövzulardakı ünsürlərə əsasən əldə etdiyimiz nəticəni yenidən qabaran Nizami dəryasına vermədən, burada oxucularımıza təqdim edirik: Fars təəssübünə yabançılığını, türk sevgisini, Qafqaza bağlılığını və yetişdiyi mühitin tarixi düşməninə nifrətini, nəhayət, qadına bəslədiyi ehtiramlı münasibətini nəzərə alaraq, “İran” adı altında anılan Yaxın Şərq ədəbiyyatına hakim, böyük şair Nizaminin azərbaycanlı bir türk dahisi olduğuna, artıq şübhəsiz, hökm edə bilərik. * * * * * * Nizami şeirinin özünəməxsusluğu Etibardan düşürdüm caduları sehrimlə, Mələkləri çaşdırdım sənətimlə, şerimlə.. Nizami Təbim qadın deyildir, atəşi özündəndir, Bakir ikən o doğur, Məryəm əyarındadır. N i z a m i Həyatından bəhs olunarkən göstərildiyi kimi, Nizami, şərqli-qərbli bütün tədqiqatçıların fikrincə, klassik İran ədəbiyyatında sənətin ən yüksək zirvəsinə qalxmış bir ustaddır. O, eşq dastanı ilə poema yazmaqda İslam şərqində tayı-bərabəri olmayan bir şairdir; ədəbiyyatın bu növündəki yaradıcılıq haqqı hər kəs tərəfindən tanınmış böyük sənətkardır. Tədqiqatçılar “Xosrov və Şirin”və “Həft peykər” müəllifi Nizaminin eşq dastanı yazmaqda rəqibsiz olmasında yekdildirlər. Heç kəsə bu ölçüdə və bu biçimdə bir dastan yazmaq nəsib olmamışdır. Bu dastanların qəhrəmanları olan Xosrov ilə Bəhramın macəralarını Firdovsi də qələmə almışdır. Fəqət Nizami onların bütün həyatları ilə deyil, yalnız eşq macəraları ilə maraqlanmışdır; bunu da Firdovsidə olmayan bir genişliklə və özünə xas bir yeniliklə yazmışdır. Əslində, Nizami sənətkarlığının əsaslı keyfiyyətlərindən başlıcası bu yenilikdir. Şair gedilmiş yolla yeriməyib özünəməxsus yol açmağı əsas şüarı etmişdir. Necə ki belə deyir: “Alimin (yəni Firdovsinin) söyləmiş olduğunu bir daha demədi, çünki təkrar yaxşı deyildir; “eşqbazlıq” sahəsindən qalan hissədə qazilərin qılıncı kimi kəskin sözlər işlətdim”. “Xosrov və Şirin” poemasının müqəddiməsindən götürdüyümüz bu beytlərə “İskəndərnamə”nin başlanğıcındakı bu beytləri də əlavə edək: “Sözü bir gəlin kimi bəzəyən tuslu alim (yəni Firdovsi) bu “namə”dən (yəni “İskəndərnamə”dən) bəhs etmişsə də, deyilməli bir çox şeyləri deyilməmiş qoymuşdur. Çünki tarixdəki bütün hadisələri yazsaydı, dastan həddindən çox uzanardı. Zövqünə yatmayanlardan sərfnəzər etməklə, o, yalnız zəruri saydıqlarını qeyd etmişdir. Halvanı tək yemək adət olmadığından, beləliklə, dastanın bir qismini də dostlar üçün saxlamışdır”. Nizami bu əqidədədir ki, “İskəndərnamə”ni də (Firdovsinin toxunduğu fatehlik mövzusunu da ehtiva etməklə) yeni bir tərzdə, “Şahnamə”ni tamamlayacaq şəkildə qələmə almışdır. “Xəmsə”yə daxil olan poemalar “məsnəvi” adlanan müstəqil qafiyəli beytlərlə yazılmışdır. Firdovsinin əsəri də bu şəkillə yazılmışdır. Fəqət “Şahnamə” timsalında ancaq qəhrəmanlıq mövzularına, başqa sözlə, epik əsərə münasib sayılan bu forma, Nizamidə didaktika və lirikaya da uğurlu tərzə tətbiq olunmuşdur. Bunun üçündür ki, Nizami məsnəviçiliyin mahir yaradıcılarından ən böyüyü kimi qəbul edilmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi, dastan dilinə lirik və emosional bir çalar bəxş etmişdir. Islamdan sonrakı türk ədəbiyyatının əsaslarını şərh edəb M.Fuad Köprülü də, Nizamidən əvvəl məsnəvi yazanların mövcudluğunu və bu formada müxtəlif mövzuların işləndiyini qeyd etməklə bərabər, Nizaminin bu tərzdə yenilikçi olduğunu aşağıdakı cümlələrlə təsdiq etmişdir: “...hissiyyatının riqqət və dərinliyi, ifadə tərzinin poetikliyi və zərifliyi etibarı ilə həqiqətən misilsiz bir şair olan Gəncəli Nizami, sonralar, “Pənc-gənc” ümumi altında birləşdirilən beş məsnəvisi ilə sələflərini ötüb keçərək, bu yolda bir çox xüsusiyyətlər göstərmiş və əvvəlki şairləri az qala unutdurmuşdur. Əvvəlki məsnəvilərdə əlfaz və qafiyəyə, tərtibə, ədaya böyük bir etina edilmir, yalnız hekayə ilə kifayətlənilirdi. Nizami isə forma və məzmunda olan bu qüsurları aradan qaldırmaqla yanaşı, təhkiyədə də daha artıq qüvvət və ustalıq göstərmiş, bir sözlə, bu tərzə ən mükəmməl bir şəkil vermişdir”. “Məsnəvi yazanların şeyxi” deyə anılan Nizami, ədəbiyyatın başqa növ və janrlarında da öz qüdrətini isbat etmiş bir ustaddır. Qəsidələri, mövzu etibarilə, klassik mədhlərə bənzəməməklə yanaşı, forma və sənətkarlıq baxımından onların ən parlaqları ilə müqayisə ediləcək bir səviyyədədir. H.Daniş, Nizaminin “Səramədani-süxən”ə daxil etdiyi bir qəsidəsindəki əzəmət və ahəngi “qorxunc bir fırtına qopduğu əsnada eşidilən göy gurultusuna” bənzədir: “vəzn kəlmələr və hərflər ilə insan qulağında əjdaha nərəsi kimi səslənir”. Qəsidədə bu qüdrəti göstərən şairin qəzəlləri də gözəl və nəfisdir. Nizami qəzəldə də özünəməxsus bir üslub və keyfiyyətə malikdir. Şair mövzu etibarı ilə qəzəldə də ona xas olan ideyalılığa sadiq qalmaqla yanaşı, forma baxımından da yeniliklər nümayiş etdirmişdir. Məlum olduğu kimi, qısa, adətən 5 və ya 7 beytdən artıq olmayan lirik bir parçadan ibarət olan qəzəlin beytləri arasında məna baxımından məntiqi bir bütövlük axtarılmaz; hər beyt özlüyündə müstəqil bir fikir ifadə edir. Nizaminin qəzəllərində isə, Bertelsin də qeyd etdiyi kimi, beytləri bir-birinə bağlayan məzmun bütövlüyü vardır. Belə ki, Nizaminin qəzəlindən götürülən bir beyt, təkbaşına, digər beytlərdən ayrılıqda müstəqil bir məna ifadə etməz. Onun qəzəlləri özlüyündə üzvi vəhdət təşkil edən əsərlərdir. Nizami dövrünün misilsiz bir hekayətçisidir. Onun hekayələrində müasir romançılığa məxsus keyfiyyətlər vardır. Onun yazmış olduğu poemalar hər hansı mahir rejissor və rəssama müasir kino üçün növ və təxəyyül baxımından zəruri olan ən parlaq mövzu və materiallar verir. Nizami yaradıcılığında “Min bir gecə” nağıllarındakı Şərq fantaziyası ilə müasir Avropa ədəbiyyatındakı “obraz” məfhumunun realistliyi çulğaşır. Şair əlindəki materiallar üzərində işləyərək, ədəbi obrazlarını stilizə etməyi bacarır. “Qısa boyluları uzadır; həddindən artıq boy atmış uzunları isə qısaldır”. Nizaminin ədəbi obrazı necə anladığına yuxarıda bir münasibətlə toxunmuşduq. “Doğruya bənzər yalan” adlandırdığı bu realizmdən, bəzən qələmə aldığı məsəl janrı vasitəsilə gerçək olmayan hadisələrdən bəhs etdiyi zaman belə, şair incə bir işarə ilə oxucularını ayıq saxlamağı unutmur: Şirinin Xosrova bağışladığı “Şəbdiz” adlı qara atın qara daşdan düzəldilmiş bir ayğır heykəlinə sürtünərək hamilə qalmış madyandan doğulduğu barədə rəvayəti nəql edərkən, məsələn, “Bu bəhsi tez qurtaraq, yoxsa o biri söylədiklərimiz üçün də şübhə oyanar” – deyir. Və ya Fərhadın ölərkən əlindən atdığı külüngün nar çubuğundan olan sapının yaş torpağa batıb cücərdiyindən və bütöv bir ağaca çevrilərək narla dolduğundan danışanda “Nizami bu ağacı görməyib, yalnız hekayətini bir kitabda oxumuşdur” – deyir. Nizami yalnız qəhrəmanlarının daxili aləmini açan psixoloji təhlildəki məharəti və ya hadisələrin baş verdiyi mühit və şəraiti təsvirdəki qüdrəti ilə deyil, eyni zamanda, peyzaj yaratmaqda misilsizliyi ilə də diqqəti cəlb edir. Təbiət Nizami şerinin ən canlı bir ünsürüdür. Təbiət qədər qüdrətli və onun qədər gözəl qələmindən, sehirli bir fırça möcüzəsi ilə yaradılan qeyri-adi tablolar kimi çıxan canlı təbiət mənzərələri “Xəmsə”nin oxuduqca zövqündən doyulmayan səhifələrini təşkil edir. Hələ şairin, heyvan olsun, bitki olsun, hətta cansız olsun, təsvir etdiyi təbiət ünsürlərində bir can və şüur təsəvvür etməsi və onları ruhi bir həyat ilə yaşatması özlüyündə ayrı aləmdir. Nizami yaradıcılığında təbiət, bizim bildiyimiz kimi, baş verən hadisələrə heç də laqeyd deyildir. Əksinə, şeylər sevinən və ya iztirab çəkən insanla daxilən bağlıdırlar. Onu anlayır və ona yanırlar. Təbiətin bu şəkildə qavranılması “Leyli və Məcnun” poemasında bütün dərinliyi ilə üzə çıxır. Özündən keçmiş və daimi “cəzb” halında olan Məcnun insanlardan qaçaraq təbiətə sığınır. Insanlar “Məcnun” deyə ondan üz çevirdikləri halda, heyvanlar onunla dost olurlar. Yalnız heyvanlar deyil, bitkilər belə onu anlayırlar. Məcnunun ağacla etdiyi söhbət buna misal ola bilər. Nizamidə rəmzçilik (simvolizm) müasir impressionistlərin də yetmədikləri bir yüksəklikdədir. Nizami avropalıların “metafora” adlandırdıqları istiarənin misilsiz ustadıdır. Şair fikirlərini bol-bol işlətdiyi məcazi deyimlər və nadir təşbehlərlə ifadə edir ki, H.Ritter buna “təmsil” və ya “təsvir dili” mənasını verən “biedersprache” deyir. Nizaminin bu dili özlüyündə bir sənətdir. Bu sənət haqqında müəyyən təsəvvür verə bilmək üçün burada şairin istiarələrindən bir neçə nümunə gətirməyi faydalı sayırıq. Məsələn, gecənin düşdüyünü bildirmək istərkən, şair “günəşin camı daşa dəydikdə, dünya xalq üçün dar bir şüşəyə döndü” – deyir: Cəhan bər xəlq şod çun şişe-ye təng Ço aməd şişe-ye xorşid bər səng. Nizami istiarəsində günəşin çıxması da özünəməxsus bir dillə verilir: “Sübh tezdən fələyin çırağı dünyanın gözəl üzünü işıqlandırdıqda...” – deyir. Ke çun bamdadan çerağ-e sepehr Cəmal-e cəhan-ra bər əfruxt çehr. Çayda çimən gözəldən bəhs edərkən, şair çeşmə ilə güldən istifadə edir və: Əcəb başəd ke qol-ra çeşme şuyəd Qələt qoftəm, ke qol bər çeşme ruyəd – deyir: Şirinin Mədainə gedərkən yolda bir çeşmədə çimdiyini bilirik. Bu zaman Mədaini tərk edən Xosrovun Şirinə rast gələrək onu uzaqdan seyr etdiyini də xatırlayırıq. Bu səhnəni təsvir edərkən, Nizami gənc kişinin baxışlarından utanan çılpaq gözəlin halını çeşmədə titrəyən aya bənzədir: Ze şərm-e çeşm-e u dər çeşme-ye ab Həmi lərzid çun dər çeşme məhtab! Müəyyən vaxtda – səhərə yaxın üfüqdə bərabər görünən günəş ilə ayın evləndiklərini qeyd edən şair, bu cütləşmədən “dan yeri analığının hamilə qaldığına” işarə edir: Zənaşuyi be həm xorşid-o-məhra, Rəhəm bəste be zadən sobhgəh-ra. Nizami yalnız şairanə təsvirlərində deyil, fəlsəfi hökmlərində də eyni istiarə və məcaz sənətindən faydalanır. Hər hansı cəmiyyətdə yüksək məqam tutanların məsuliyyət dərəcələrini anlatmaq üçün, Nizami əsən şiddətli küləkdən otların asudə olduğu halda, sərvlərin əziyyət çəkdiklərini göstərir: Ze badi k-u kolah əz sər konəd dur Giyah asude başəd, sərv rəncur. Əşyaların canlı təsəvvür edilməsi Nizaminin təşbehlərini daha da təsirli edir. Məsələn, gül, Nizami şerində sadəcə olaraq açmır, “köynəyini yırtır”; bülbül yalnız ötmür, “eşqini bəyan edir”; yasəmən bir çiçək ikən “türk” olur və səhrada “çadır qurur”. “Lalə bir hindudur – atəşə tapınır”. Aşağıdakı beytdə isə, çiçəklərin kefcil (əyyaş) adamlar kimi eyş-işrətlə məşğul olduğunu görürük: Səmən saqi vo-nərges bade dər dəst Bənəfşə dər xoçar-o-sorxqol məst. Bu məcazi təşbehlər Şərq ədəbiyyatında Nizamiyə məxsus olmasa da, Nizamidə bu sənətdə ustada layiq yüksək bir səviyyədədir. Nizami yaradıcılığının xüsusiyyətlərini qeyd edərkən, şairin işlətdiyi dil üzərində də dayanmaq yersiz olmaz. Nizami poeziyasının ruhunda Firdovsidəki farslıq təəssübünün heç bir izi olmadığı kimi, “Xəmsə”də də “Şahnamə”dəki xalis fars dili meyli yoxdur. O, “Əcəmi diriltmək” və əski Kəyanilərin dəbdəbəsini yenidən canlandırmaq niyyətində deyildir. Ərəb təsiri ilə mübarizə edən fars dehqanlarının, yəni feodal aristokratlarının siyasi ideallarına xidmət edən İran millətçisi Firdovsi üçün farslıq təəssübü təbii ola bilərdi. Halbuki, Nizaminin istədiyi, ideal nümunəsini ancaq türk dövlətində gördüyü sosial ədaləti təmin etmək və ona layiq olduğu şərəfli yeri verdirməkdir. Bu işdə bir mütəfəkkirə yerli fars dehqanlarına və onlara qoşulmuş saray xadimlərinə deyil, İslam mədəniyyətini qərəzsiz olaraq dərindən mənimsəmiş şəhərlilərin hisslərinə tərcüman olmaq gərək idi. Bunun üçün də o, əski (arxaik) fars dilini deyil, dövründəki oxuyub-yazan mühit üçün təbii olan canlı bir dili işlədirdi. Bu mövqedən, Nizami ərəb kəlmələrini işlətməkdə heç bir eyib görmürdü. Nizami poeziyasında yalnız ərəb deyil, türk kəlmələrinə də təsadüf olunur. Nizami dil xüsusunda milli təəssüb göstərmişdir. Bu təəssübü göstərdiyi və bunun üçün şərait olsaydı, bəlkə də sevgili yurdunun danışdığı və özünün də, obrazlı şəkildə “həqiqət dili” dediyi türk dilində yazardı. Nizaminin dilini çətin hesab edənlər də vardır. Bu dil, həqiqətən də asan deyildir: cinaslar və istiarələrlə dolaşdırılmışdır. Fəqət onunla müasir olmuş şairlərin, o cümlədən, Xaqaninin baş çıxarılmaz müəmmalı dili ilə müqayisə edildikdə, Nizaminin “təqidinə” (dolaşdırılmasına) rəhmət oxumaq lazımdır. Bu çətinlik əslində şairin “tapmaca” bir dil işlətməsindən irəli gəlmir. Əsl səbəb onun təşbeh və istiarələrini anlamaq üçün o dövrdəki şərait, məfhum və biliklər haqqında məlumatımızın qıtlığıdır. Nizamini asanlıqla başa düşməkdən ötrü o dövrdəki maddi-mənəvi bütün biliklərin bir ensiklopediyasına malik olmaq, o zamankı şəraiti lazımınca araşdırmaq lazımdır. Bu iş görülməyincə, Nizamini anlamaq təbii ki, çətin olacaqdır. Yoxsa Nizaminin dili, müasir olan digər şairlərə nisbətən, ən asan oxunan bir dildir. Nizami yaradıcılığında elmin rolu da böyükdür. Şair zamanının bütün biliklərini: bədii əsərləri, folkloru, mifologiyanı, tarixi, dini, fəlsəfi və əxlaqi təlimlərini mənimsəmişdi, qədim-yeni müxtəlif dilləri bilirdi. Nizaminin coğrafiya sahəsində göstərdiyi peyğəmbərlik bir sıra Avropalı müəlliflər tərəfindən qeyd olunmuşdur. Bertelsə görə, Nizami Nil çayının mənbəyini, yalnız təqribən XIX əsrdə təsbit olunan bir yerdə təsəvvür etmişdir. Coğrafiya sahəsində olduğu kimi, şairin etnoqrafiyaya aid məlumatı da heyrətamizdir. Məsələn, Qırğız çöllərindəki daş qadın heykəlləri barədə etnoqrafların verdiyi məlumat eynilə Nizamidə də mövcuddur. Şairin yaşadığımız günlər üçün son dərəcə aktual və maraqlı olub, siyasi iqtisadla bağlı bir mülahizəsini də qeyd edə bilərik. Qafqazın qurtuluşu uğrunda vuruşan İskəndər, məğlub olmuş ruslardan aldığı çoxlu kürk və dəridən ibarət qənimətlər içərisində qupquru və tüksüz bir dəri parçasının diqqətlə qorunduğunu görür: maraqlanan İskəndərə əsir ruslardan biri bu dərinin başqa kürk və dərilərdən nə üçün daha üstün tutulduğunu izah edir. Məlum olur ki, bu dəri ruslarda mübadilə rolunu oynayırmış: bütün kürklər və dərilər ancaq bu quru dəri parçası ilə satın alınırmış. Bu hekayə üzərində dayanan Nizami, İskəndərə “siyasətə baxınız ki, quru bir dərini gümüşdən daha mötəbər etmişdir!” – cümləsini söylədir. Görünür ki, qızılın, o zaman üçün gümüşün yalnız mübadilə vasitəsi olduğu üçün mötəbər olması fikri artıq XII əsrdə Nizaminin iti zəkasını məşğul etmişdir. Zəmanəmizdə əsl dəyərin əməkdə olduğunu düşünən iqtisadçılar kimi, Nizaminin İskəndəri də, “Dərini gümüş yerinə keçirən” siyasət üzərində heyranlıqla düşünmüşdür. Nizamidə biz astronomiya elminə aid mühüm bir qeydə də rast gəlirik. Keçmiş insanlar dünyanı, mərkəzi yer olmaqla, bir göy çevrəsindən ibarət bilirdilər. Ulduzlar göyə “bərkidilmiş” işıqlar sayılırdı. Bunlardan günəş də daxil olmaqla, yalnız yeddi səyyarənin yerin ətrafına fırlanmaq şərtilə dövr etdikləri təsəvvür olunurdu. XVI əsrin əvvəllərində Kopernik fələyin əsas quruluşu haqqındakı təsəvvürü dəyişdirməklə, onun yer deyil, günəş ətrafında fırlandığını iddia etdi. Daha sonra gələn alimlər, dünyanın bir deyil, çox olduğunu və ulduzların ayrı-ayrı bürclər halında öz günəşləri ətrafında fırlanan sistem təşkil etdiklərini söylədilər. İlk dəfə olaraq, XVI əsr astronomlarından Cordano Bruno ulduzların müstəqil bir aləm olmaları fikrini irəli sürmüşdür. Nizami isə, vəziri Büzürgümmidə suallar verən Xosrov Pərvizə dedirtdiyi: Eşitdim mən ki, hər ulduz cahandır Ki hər biri ayrı yer, asimandır! – beyti ilə bu kəşfin Kopernik və Brunodan da 400 il əvvəl peyğəmbərliyini etmişdir. Nizami intuisiyasının kimya ilə bağlı bir nümunəsindən də bəhs edə bilərik. Baxmayaraq ki, qeyd edəcəyimiz bu məsələ daha çox Nizami dövründəki elmi biliklərə daxil məlumatlardan sayılmalıdır. Şair beytlərindən birində: Aslan ol da, qorxma mətbəx pişiyindən, Təlq ol da, qorxma cəhənnəm atəşindən. deyir. “Təlq” sözünün, “Xəmsə”nin haşiyələrində oddan qorxmayan və yanğına davamlı mineral bir maddəni bildirməsi qeyd olunur. Yanmayan qablar və atəşə davamlı başqa cihazlar dövrümüzün texniki yeniliklərindəndir. Bu cihazların qayrılmasında işlənən yanmayan maddələrdən azbestin tərkibindəki elementlərdən biri də təlqdir. Ənənəvi biliklərdən başqa, şair dövründəki müxtəlif ağıl və güc idmanlarına da yaxından bələddir. Hekayələrində olduğu kimi, ayrı-ayrı misralarında da bu bələdliyin izi və əksi görünür. Məsələn, şətrənc (şahmat) şairin əsərlərində terminləri bol-bol işlədilən bir oyundur. Bir sözlə, şair öz dövrünün ensiklopediyasıdır. Heç bir şeydən bilik qədər zövq almır. O, bütün gecələrini və gündüzlərini aramaq, düşünmək və yaratmaqda keçirmişdir. Həyatda sevinci də bundadır. “Təbinin xəzinəsi zəngin, qapısı da qıfılsızdır: bu xəzinədəki incilərdən birini çıxarmayınca yatdığı bir gecə də olmamışdır”. Nizaminin gecələr onu yatmağa qoymayan bu biliksevərliyi, kainatın varlığında gizli olan sirləri anlamaq istəyi ilə şərtlənmiş bir böyüklük və dərinlikdədir. Şairə görə, dünyanın gərdişi və həyatın gedişi müəyyən bir səbəbə bağlıdır. “Əsl dəyərli söz, bu səbəbi tapıb göstərən sözdür”. Təlimi və bədii bütün əsərlərində filosof Nizami, müxtəlif şəxslərin dili ilə və müxtəlif misallar gətirmək yolu ilə, daim, həyat nədir, ölüm nədir, ilk yaradılmış hansıdır, dünyada həyat mümkün ikən axirətə ehtiyac varmıdır, səmadakı “səyyah”ların dövrünü nizama salan və gördüyümüz ulduzları bir qaydada saxlayan nədir, ulduzlar özlüyündə bir aləmdirmi, cəsədsiz can (ruh – red.) təsəccür etmək olarmı, röya nədir, düşünmək nə deməkdir kimi bir sıra suallara cavab olacaq “söz” axtarmaqdadır. Həqiqi alim bu araşdırmaya bağlanmış bir insandır. Belə bir insanın, yəni alimin məqamı, Nizaminin gözündə, bütün məqamlardan yüksəkdir. Necə ki, İskəndərin dili ilə o, “bir insan digərindən yalnız biliyi ilə üstün olur: nə qədər yüksək məqam olursa-olsun, bir alimin yeri o məqamdan yüksəkdədir” – deyir. Dövrünün hər cəhətdən alim və fazil şəxsiyyəti olan Nizami yaradıclıq yolunda heç kəsi örnək götürməyən orijinal bir şairdir. Özünün təbirincə, “zamanın heç bir gülünə, ondan daha xoş səsli bir bülbül qonmamışdır”. Hər elmdə bir dəftər, hər mənada bir əsərə malik olan şair, özündən yaxşı bir “gülbün” (gül ağacı) tanımır və orijinallığını nəzərdə tutaraq, “mənliyimi özümdə tapdım” – deyir. Şairin özü barədəki bu iddiası bütün tədqiqatçılar tərəfindən qəbul edilməkdədir. “İskəndərnamə”nin bir yerində dediyi kimi, “yanan ilhamı, Məryəm ana kimi, bakirə ikən doğmaqdadır”. Klassik İran ədəbiyyatında Azərbaycan dövrü mühüm bir mərhələ təşkil edir. Nizaminin yaşadığı bu dövrdə əmələ gələn ədəbi məktəb, Azərbaycandan əvvəl Xorasanda, daha əvvəl isə Xarəzmdə yaranmış ədəbiyyatın bütün yüksək keyfiyyətlərinin həqiqi varisi idi. Yaxın Şərq ədəbiyyatı tarixində müstəsna bir yer tutan bu dövr ədəbiyyatı nümayəndələrinin ən görkəmliləri, əsərimizdə, Nizaminin müasirlərindən bəhs olunarkən qeyd edilmişlər. Həmin qeydlərdən göründüyü kimi, o zamankı Azərbaycanda şer sənəti bütün poetik formalarda ən yüksək zirvəyə qalxmışdır. O zamankı şəraitdə şairlər həyat və şöhrətlərini saraylara, zamanın iqtidarını əllərində cəmləşdirən hökmdarların iltifat və bəxşişlərinə borclu idilər. Sənətkarlığının bütün imkanlarını yaltaq mədhlərə sərf etmək məcburiyyətində qalan bir şair, əsərin məzmun və mündəricəsindən ziyadə, şəkil və formasına əhəmiyyət verirdi. Ona görə qəribə deyil ki, qiymətlərini ancaq saraylarda hökmdarlardan gözləyən bu dövr sənət əsərlərinin çoxu qəsidə şəklində olurdu. Bu forma zamanın ən dəbdə olan şəkillərindən sayılır və şairin qiyməti bu növdə göstərdiyi qüdrət və məharətlə ölçülürdü. Mücir Beyləqani, Əbül-Üla-Gəncəvi, Qivami Mütərrizi və bunların hamısından üstün, Xaqani Şirvani belə qəsidəçilər idilər. Ağır şəraitdə yaradılan bu dövr ədəbiyyatı yalnız sənət üçün yaradılır, qəsidə formasındakı ən parlaq nümunələri ilə məzmun baxımından sönür, hər cür ciddi mənadan məhrum olurdu. Şerin texnika və poetikasında müasirlərinə bərabər və hətta onlardan üstün olan Nizami təbiətindəki özünəməxsusluq və şəxsiyyətindəki müstəqillik sayəsində özünü sarayların əzici təsirindən qurtararaq, ədəbiyyata məhrum olduğu məzmunu verə bildi və bununla da böyük bir islahatın (reformanın) banisi oldu. O, sarayın fərdi zövq və şıltaqlıqlarına deyil, cəmiyyətin sosial və mənəvi ehtiyaclarına üz tutdu. “Xəmsə”dəki məsnəviləri ilə Nizami yalnız Firdovsi üslubundakı qəhrəmanlıq dastanını eşq əfsanəsi şəklinə salmaqla kifayətlənmədi, eyni zamanda o, yüksək poetik forma daxilində böyük sosial ideyalar təlqin edən və ali siyasi məqsədlər güdən ölməz əsərlər yaratdı. Nizami şer ilə hikməti, sənətkarlıqla ideyalılığı, uğurlu bir şəkildə birləşdirərək, sənətkarlıq baxımından əsrindəki böyük boşluğu doldurmuş ideyalı və mücahid bir şairdir. Onun şerləri daxili və zahiri gözəlliyin ahəngindən yaranmış misilsiz əsərlərdir. “Xəmsə”dəki ölməz məsnəviləri ilə Nizami məqsəd üçün yaradılan sənətin imkanlarını parlaq şəkildə isbat etdi və özündən sonra gələn əsrlər üzərində bildiyimiz böyük təsiri göstərdi. Onun əsərləri Yaxın Şərqin ən böyük ustadları üçün təqlid edilən bir örnək oldu. Nizaminin ədəbiyyatdakı islahatı yalnız mənzum roman formasına aid xüsusiyyətlərlə bitmir; o, əsl gözəl zahiri formanı yüksək daxili mənalarla canlandıran bir sənət məktəbi olmaqla qiymətlidir. Nizaminin “Məryəm ana”ya bənzətdiyi bakirə ilhamı bizə məhz belə “İsa” doğmuşdur. * * * * * * Nizami sənətinin başlıca mənbəyi Sözün şərti nəşədədir, nazdadır Bu ikisi varsa, şer sazdadır. N i z a m i Nizami sənətə (“hünər”) son dərəcə mühüm bir qiymət verir: hər insanda qiymətləndirdiyi əsas şey onun müəyyən bir hünər sahibi olmasıdır. Hünərlər hünəri söz, sənətkarlar sənətkarı şair (onun sözü ilə desək, “süxənvər”) olsa da, Nizami əsərlərində memarlara, nəqqaşlara, rəssamlara və musiqiçilərə də layiqli yer ayırır. Yəməndəki Xəvərnəq qəsrini tikən yunanıstanlı Simnar ilə Şirinə vurulmuş bəxtsiz memar Fərhadın əsərlərini şair özünəməxsus bur həyəcan və sevgi ilə təqdim edir. Şirin Xosrova rəssam Şapurun çəkdiyi portret əsasında aşiq olmuşdur. Nüşabənin sarayında dövrün bütün hökmdarlarını tanıdan ipək üzərində işlənmiş bir kolleksiya vardır. Müxtəlif məmləkətlərin rəssamları arasında keçən müsabiqələrə dair səhifələr diqqəti cəlb edir. Şair Türküstanın susuz çöllərində bir Çin rəssamının daş üzərində çəkdiyi hovuzdan bəhs edir. Rəssam Manu bu “hovuz” üzərində nəqş etdiyi bir köpək leşi ilə zavallı susuzları xam xəyala düşməkdən xilas edir. Rum rəssamı ilə Çin rəssamı arasında keçən müsabiqə haqqındakı hekayə maraqlıdır: Rum rəssamı ilə Çin rəssamı, İskəndər ilə Çin xaqanının hüzurunda müsabiqəyə girişirlər. Qarşı-qarşıya qoyulmuş iki tablo arasında bir pərdə asırlar. Pərdənin bir tərəfində biri, o biri tərəfində isə digəri – iki rəqib rəssam işləyirlər. Müəyyən edilmiş vaxt qurtardıqda aradakı pərdəni qaldırırlar. Biri-birinə iki damla su kimi bənzəyən eyni iki rəsm meydana çıxır. Rum rəssamının çəkmiş olduğu şəkli eynilə Çin rəssamının da çəkdiyini görürlər. Münsiflər hökm verməkdə aciz qalırlar. Başa düşürlər ki, burada açılması lazım olan bir sirr var. Iki tablo arasındakı pərdəni təkrar asırlar. Rum rəssamının çəkdiyi şəkil eynilə yerində qalır, fəqət Çin rəssamının tablosu əvəzində cilalanmış hamar müstəvi görünür. Pərdəni bir də qaldırırlar. Çin rəssamının tablosunda eynilə Rum rəssamının çəkdiyi şəkil görünür. Məsələ aydınlaşır. Çin rəssamı boya qüdrəti və cila sənəti sayəsində, yalnız rəqibinin nəqşini eynən əks etdirən bir növ güzgü düzəltmişdir. Şirinin, Xosrovun, Bəhramın və İskəndərin işrət məclislərindəki musiqi ilə musiqiçiləri şair böyük bir zövq, bilik və sevgi ilə təsvir edir. Nizaminin təsvir etdiyi ən gözəl, ağıllı və kamallı qadınlar, eyni zamanda, xoş avazlı, şirin dilli məxluqlardır. Sevinc Nizami sənətinin başlıca qaynağıdır. Bunun üçün də şair, Şirvan şahı Axsitandan “Leyli və Məcnun” dastanını nəzmə çəkmək təklifini alanda, bildiyimiz tərəddüdü göstərmiş, “yazımmı, yazmayımmı?” – deyə ciddi düşünmüşdür. Nə üçün? Şairin özünü dinləyək: “Hüzn və kədərdən ibarət olan bu ərəb əfsanəsindən bir sənət əsəri çıxarmaq, əcəba, mümkündürmü? Mövzu quru və nəşəsiz; macəranın baş verdiyi yerlər yanıq qumsallardan ibarət ot bitirməz çöllər; sudan, yaşıllıqdan, bağ-bağçadan, çəmən-çiçəkdən məhrum bir mənzərə; bütün bu yoxsulluqlar içərisində qəmli bir fəlakətlə bitən nakam bir məhəbbət”. Bütün bunlar “Xosrov və Şirin” və “Həft peykər” poemalarının rəng və ahəng sevən sənətkar müəllifini, əlbəttə, düşündürmüşdür. Vurğunluğun, divanəliyin əsəri kədərlə dolduran şeylər olub, oxucunu yoracağını göz önünə gətirən şair, “bu şəraitdə – sarayı, məclisi, meyi, saqisi olmayan bir yerdə – sözü yalnız hikmətlə nə qədər bəzəyə bilərəm; qumun quruluğu ilə daşın sərtliyindən nə qədər bəhs edə bilərəm?!” – deyə narazılıq etmişdir. Çünki şairin yaradıcılığının başlıca prinsipi sevincdir. “Sözü sevincdən qurmaq lazımdır ki, hekayədəki beytlər rəqsə gəlsin!”. “Leyli və Məcnun” hekayəsinin özünə qədər nəzmə çəkilməmiş qalmasının səbəbini də Nizami, mövzudakı bu “nəşəsizlik”də görür. Şer meydanının dar olmasına baxmayaraq, Nizami Şirvan şahının arzusunu yerinə yetirmiş və oğlu Məhəmmədin təşviqi ilə işə başlayaraq, qeyd etdiyi bütün yoxsulluq və cansıxıcılığın əksinə olaraq, bu mövzunu da “hər kəsin heyran olacağı” bir tərzdə qələmə almışdır. Bu müvəffəqiyyətini isə şair zahiri şəraitdəki yoxsulluğu ruh zənginliyi ilə aradan qaldırmaq sayəsində əldə edə bilmişdir. “Leyli və Məcnun”da xüsusilə qüvvətlənən bu psixoloji təhlil, əslində şairin zənginliklər, gözəlliklər, nəşə və sevinclər içində canlanan digər poemalarında da parlaq təsvir və hekayələrlə tam bir ahəngdədir. * * * * * * Nizaminin yaradıcılığının təkamülü Var ikən “Məxzən ül-əsrar” əldə Arayımmı müvəffəqlik həvəsdə? Həvəssiz yox fəqət aləmdə bir kəs, Həvəsnamə sevər dünyada hər kəs! N i z a m i Sevincdən ilham alan Nizami ədəbi mənliyini 1180-ci ildə yazmış olduğu “Xosrov və Şirin” poeması ilə tapmışdır. Buna qədər şair ruhi bir tərəddüd içində müəyyən kamilləşmə dövrü keçirmişdir. Sənətdəki qeyd etdiyimiz özünəməxsusluq və orijinallığı tapmazdan əvvəl, Nizami ilk əsəri “Məxzən ül-əsrar” ilə tanınırdı. Kitabın ikinci hissəsində izah olunduğu kimi, “Məxzən ül-əsrar” şairin sənətindən daha çox fikirlərini göstərən bir əsərdir. Nizami “Xəmsə”nin ilk kitabı olan bu əsərini ideya baxımından çox yüksək qiymətləndirir. Mömin bir müsəlman şairin təsəvvüfə yaxınlaşan bütün fikirləri bu didaktik əsərdə əksini tapmışdır. Didaktik “Məxzən ül-əsrar” ilə lirik “Xosrov və Şirin” arasında 17 ilə qədər bir dövr keçmişdir. Şairin tərcümeyi-halını yazanlardan bəziləri iki əsər arasında olmuş bu boşluğa diqqət yetirmişlər. Amma Nizaminin bu qədər uzun bir müddətdə nə üçün əsər yazmadığını lazımınca başa düşməmişlər. Halbuki “Xosrov və Şirin”in müqəddiməsində şair didaktikadan lirikaya keçdiyinin səbəbini izah edərkən, yaradıcılığındakı boşluq dövrünün sirrini də ifadə etmişdir. Nizami “Məxzən”dəki əsas fikirlərini asan çatdırmaq üçün oxucuların “həvəsləri”ni oyatmağı lazım bilmişdir. Necə ki, belə deyir: Məra çun “Məxzən ül-əsrar” kənci Çe bayəd dər həvəs peymude rənci Və likən dər cəhan emruz kəs nist Ke u-ra dər həvəsname həvəs nist! Yəni: “Məxzən ül-əsrar” kimi bir xəzinəm olduğu halda, niyə həvəs ardınca qaçım? Fəqət bu gün dünyada həvəsnaməyə meyl etməyən kimsə yoxdur!” Oxucu zövqünün bu tələbi qarşısında təlimçi şairin poemalar yazması, məlum olur ki, heç də asan olmamışdır. Sənətkar yaradıcılıq dühasının özünəməxsusluğunu tapana qədər əməlli-başlı tərəddüd dövrü keçirmişdir. “Həvəsnamə yazımmı ya yox?” – deyə illərlə düşünmüş olduğunu təxmin etmək olar. Təzkirəçilərin başa düşə bilmədikləri sirri burada axtarmaq lazımdır. Bu barədə şair özü bizə kömək göstərir. Bunu biz onun “Xosrov və Şirin”in müqəddiməsində təəssübkeş dostu ilə verdiyi söhbətə əsasən deyirik. Bu təəssübkeş dost şairin niyyətini bildikdə narazılıq edərək demişdir: “Sən bütpərəstlərə uyma. Zənd ilə Zərdüşt kimi əfsanəçiliyə qapılma. Tövhid qapısını döy ki, bunda məşhursan. Məcusilərin ayin və mərasimlərini niyə təzəliyirsən?” Nizami dostunun bu acı sözlərindən “qəzəblənmiş”dir, yalnız “dilbənd” Şirinin dadlı ədalarından dostunun qulağına bir neçə kəlmə oxumuş və “toxuduğu ipək”dən ona xoşa gələn bir neçə nəqş göstərmişdir. Daş kimi sərt olan tənqidçi bunları eşitdikdə, daşlardakı nəqşlər kimi donub qalmışdır. O zaman şair ona: – Nə üçün susursan, afərin desənə! – demişdir. O da: – Yüz afərin, – deyə şairi təbrik etmiş və sözlərinə bunları əlavə etmişdir: “Şirinin dastanını eşitdim, ağzım şirinləşdi: bütü Kəbə ilə bir araya gətirən bu sehri mütləq axıra çatdırmaq lazımdır!” Yumşalan adam sözlərini, şairi təşviq edən bu tövsiyə ilə bitirmişdir. “Əlində bu ucalıq və bu qiymətdə bir sənət var ikən, bu cansıxıcı yerdə nə qapılıb qalmısan? Gəncədən çıx, geniş meydanlarda aslan ovla. Atını kənarda çap və geniş dünyanı dolaş. Dünyada sənətkar yoxdur, varsa da, sənin atına çatmaz!...” Bu hekayədə şair bizə sevinc qaynağından içdiyi ilham badəsi ilə yaradıcılığının ona şöhrət gətirən özünəməxsusluğunu necə anladığını göstərmişdir. Bu, Nizami yaradıcılığındakı təkamülün tarixinin /simvolik/ bir ifadəsidir. Nizami sənətkarlığının ruhunu xarakterizə edən bu hadisə Firdovsinin ədəbi həyatında baş vermiş qəribə psixoloji hadisə ilə müqayisə edilə bilər. Didaktika sahəsindən eşq dastanlarına keçən Nizami müəyyən tərəddüd dövrünə məruz qalmışdır. Bu, başa düşülməsi mümkün olan bir hadisədir. Ədəbiyyatın daha yüksək pilləsinə çıxmaq, sənətin daha canlandırıcı havasını almaq istədikdə, şair yolu üzərində təəssübün durduğunu görüb bir anlıq duruxmuşdur. Fəqət bu, onu çaşdırmamış, getmək istədiyi yolun düzgünlüyünü qatı bir təəssübkeşə belə isbat etmişdir. Nizamidəki bu “duruxmaq” özünü axtaran sənətkarın, tapdığı kamillik nöqtəsinə atılmaq üçün, hədəfinin üzərinə sıçramazdan əvvəl bir aslanın duruxmasına bənzəyir. Halbuki, Firdovsi... yunanların Homeri, italyanların Vergilisi ilə bərabər, dünyanın vətənpərvərlik ədəbiyyatında adına ölməz bir şöhrət qazandıran “Şahnamə”sini bütünlüklə dəyərdən salmış və... rədd etmişdir. Firdovsinin “Şahnamə”dən sonra “Yusif və Züleyxa” mövzusunda lirik bir poema yazdığı məlumdur. Fəqət, bu əsərinin müqəddiməsində, millətçi fars şairinin vaxtilə yazıb “Əcəmi diriltdiyinə” əmin olduğu öz “Şahnamə”sini rədd etməsini çoxları bəlkə də bilmirlər. Halbuki, bu, bir həqiqətdir! Klassik İran ədəbiyyatı ilə məşğul olanlara maraqlı təhlil mövzusu ola biləcək bir həqiqət! Şair “ömrünün yarısını sərf edərək, Rüstəmin adını dünyaya yaymaq dəliliyinə” son dərəcə peşmandır. O, bu “əyri yolu tərk etmiş, doğrusunu tapmışdır; bu yoldan bir daha dönməyəcəkdir”. Firdovsi özü-özünə söz verir: “bir daha padşahlara yaxınlaşmayacaq və dastan yazmayacaq, bir daha “boşboğazlıq etməyəcək”, çünki “bütün bu dastanlar kökündən yalandır və iki yüzü bir ovuc torpağa dəyməz”. Özünün yalanını çıxaran və ən dəyərli əsərini bütünlüklə inkar edən şairin bu ruhi dəyişikliyinin əsl səbəbini araşdırmaq ədəbiyyatşünasları dərindən maraqlandıra biləcək bir məsələdir. Nizamidə gördüyümüz ruh bütövlüyü ilə Firdovsidəki bu dəyişikliyin səbəblərini burada araşdırmaq niyyətində deyilik; bu, bizi müəyyən etdiyimiz dairədən çıxarar. Yalnız bunu deyə bilərik ki, klassik İran şairlərindən xüsusən fars olanlara məxsus fərdiyyətçilik Nizamidə yoxdur. O, təbliğ etdiyi “fəna fillah” və “fəna filimillə” ideyalarına tam uyğun gələn, sakit, azad və fədakar bir həyat yaşamış və daim “içi” ilə “çölü” ahəngdə olan mömin bir adam olaraq qalmışdır. Şəxsi həyatında olduğu kimi, ədəbi fəaliyyətində də, Nizamidə Fordovsidəki çaşqınlıq və təzadlardan əsər-əlamət olmamışdır!.. Daş qəlbli mütəssibi belə məğlub edən “Xosrov və Şirin” ilə Nizami həqiqətən də didaktikanın dar çərçivəsindən çıxmış, həqiqi sənətin sərhəd tanımayan geniş sahəsinə atılmış, bir-birinin ardınca gələn dörd əsəri ilə “Xəmsə”ni tamamlamış və toz qonmayan böyük adını silinməz bir yazı ilə dünya ədəbiyyatı tarixinə yazmışdır. “Məxzən ül-əsrar”ı yazarkən özünü hələ “qönçə” hesab edən şair, sevinc qaynağından aldığı ilham sayəsində açılmış təbinin yetirdiyi sonrakı əsərlərində göstərmiş olduğu “yenilik”lə, sözlərilə, həqiqətən də “qiyamət şeypuru”nun təsirini vermişdir. Bu sahədəki müvəffəqiyyətini şair, qismən özünün Tanrı vergisi saydığı ilhamının qüdrətinə, qismən də yaradıcılığındakı metoduna borcludur. Nizami metoduna başlıca əsas orijinal olmaq; az, amma “öz” söyləmək”; “namdar olmayınca, namzəd olmamaq”, “fələk kimi yüksələ bilmək üçün fələk kimi dayanmadan fırlanmaq” (yəni çalışmaq); “çəki ilə almaq, amma çəkmədən vermək” kimi cəhətlərdir. Nizami öz əsərində “ildırım təki başqalarının fəlakətinə qəhqəhə çəkməkdən” qaçır, çünki o, “qığılcımı ancaq özünü yandıran bir şimşəkdir”. O, “hər tikana yas tutan bir gül, hər toxunuşundan dillənən bir teldir”. O, yanan qəlbinin “tikanlanmaqdan (“xar xordən”) tutuşan bir atəş” olduğunu zənn edir. “Dərya kimidir – eyib yuyar; güzgü deyil – eyib axtarmaz”. “Soruşulmayınca söyləməz, çünki cövhəri sındırmamaq üçün kəskini yavaşca vurur”; çünki “soruşulmamış söyləməyin, söylənmişi hədər etmək olduğunu” – bilir; “Korlara lampa tutmağı faydasız” sayır, çünki “beyin qəlbi yalnız gözlə görür”. “Sözün yalnız əks-səda verdiyi zaman faydalı olduğunu” bilən ustad, dinləyən axtarır ki, ona “elmin sirlərini təslim etsin”. Belə birisi tapılmayınca, şair, “dodaqlarının mismarlanmasını” daha düzgün sayır. Ruhundakı doğruluqla metodundakı bu sağlamlıqdır ki, sənətkara, qırılmaq bilməyən bir inam və yaradıcılıq sevinci bəxş edir. Əxlaq və ya eşqə aid bütün əsərlərində bu sevinc heç bir zaman Nizamini tərk etməmişdir. Şair əvvəldən axıra qədər öz mənliyinə sadiq qalmışdır. * * * * * * Nizaminin həyata və insana münasibəti Tanrıya müraciətindən: Dünyanın özü də bunca gözəlkən, Bəqanı Cənnətə saxladın nədən? Insana müraciətindən: Sürən məlakəsi sənsən varlığın, Yol göstərmək işi ancaq Xaliqin! N i z a m i Nizaminin həqiqi həyat qaynağı olmaq etibarilə sevincə əhəmiyyət və qiymət verməsi onun həyata münasibəti ilə tam bir ahəngdədir. Daha doğrusu, şairin sənətə münasibəti onun həyata münasibətindən doğmuşdur. Fəlsəfi düşüncələrində fərdi həyatın keçici olduğunu daim irəli sürməklə yanaşı, Nizami dünyanın kədər və qəm üçün deyil, sevinc və nəşə üçün yaradıldığına əmindir. Dünyanın faniliyini, insanı insana qarşı pis əməllərdən çəkindirmək üçün tez-tez qeyd edən filosof Nizami, bir şair kimi həyatın tərənnümçüsüdür. Yaşamaq – gözəllik, nəşə və sevinc içində yaşamaq, Nizaminin ən çox sevdiyi nemətdir. “İskəndərnamə”də, bu fikirlərimizi qüvvətləndirən beytlərində, şair, “dünya kədər və qəm üçün deyil, sevinc və nəşə üçün yaranmışdır” – deyir; və “bu məşəqqət aləmində özümüzü sıxmayaq!” – tövsiyyəsini verir. “Xosrov və Şirin”də “xəzansız olaydı həyat bağı; yıxılmaz olaydı həyat sarayı – nə gözəl olardı!..” deyən şair, “dünən” ilə “sabah”dan kimsənin xəbəri olmadığını söyləyərək, sözlərinə bu şəkildə davam edir: “dünən” keçmiş, “sabah” isə gəlməmişdir, meydanda bir “bu gün” var ki, onun da axşama qədər davam edəcəyinə zəmanət yoxdur; bu halda, gəl bir anlıq mey içərək könlümüzü və dünyamızı yaşadaq; və yaxud: “torpağın altında çox yatacağıq, bir gecəni də olsa, yatmayıb şənliklə keçirək!” – deyir. Həyat zövqünü Xəyyamı andıran bir tərzdə anladırsa da, Nizami, əslində onun kimi bədbin deyildir – dindarlığı buna mane olur. Dindar və zahid olmasına baxmayaraq, həyatı sevən şair “dünya bu qədər gözəl ikən” Allahdan “əbədiliyi niyə cənnətə saxladın?” – deyə əzabla soruşur. Amma dərhal “hikmətdən sual yoxdur” hökmünü xatırlayıb “sən deyən yaxşıdır!” deyib təslim vəziyyəti alır. Idealist Nizaminin həyat sevgisi, eqoizmdən irəli gələn epikurist bir sevgi deyildir. Bu, onun bütün əsərlərindən qırmızı xətlə keçən alturist (özgəgüdər) əxlaq prinsipi ilə sıx surətdə bağlıdır. Nizami həyat gözəlliyinin ən böyük nəşəsini bir insanın başqalarına faydalı olmasında görür. Öz-özünü yüksəltmək, “nəfsini təmizləmək”, “başqalarının yox, öz eyiblərini görmək” şairin təkidlə təlqin etdiyi əxlaq prinsipləridir. Şair, tovuz quşunda – ayağa deyil, qanada; qarğada isə tüklərin qaralığına deyil, gözlərin ağlığına baxmağı tovsiyyə edir. Yolunu “candan baxıb müəyyənləşdirərək yeriməyi və bununla iki dünyaya da meydan oxumağı” tövsiyyə edən filosof, “payəndən (məqamından – red.) qorxmamaq üçün aşağıya, sayəndən (kölgəndən – red) qorxmamaq üçün geriyə baxma!” – deyir. Həyatda doğruluq, doğru sözlülük şairin tərənnüm etdiyi ən gözəl sifətlərdir. Şair özgüdərlikdən (eqoizmdən) uzaq, mənfəət məqsədi daşımayan bir həyatı vəsf edir. Onun fikrincə, bütün maddi imkanların dəyəri onların mənəviyyata xidməti ilə ölçülür. Nizamiyə görə, məsələn, varlılığın öz-özlüyündə heç bir dəyəri yoxdur. “Qızıl yalnız müəyyən bir məqsəd sikkəsini daşıdığı zaman dəyərlidir!”. Ideal yolunda mətanət göstərib çətinliklərə qatlanmaq qədər yüksək bir şey yoxdur; çünki belə bir “riyazət” məktəbini keçməyən insanlıq şərəfini qazana bilməz. Müvəffəqiyyətin yeganə vasitəsi zəhmət və dözümlülükdür. Doğrudur, bu yol çətindir, yoxuşludur; zindanlarla doludur. Amma unutmaq lazım deyil ki, həqiqi və ideal sahibi olan insan üçün zindan – bir şərəf pilləsidir. Şərəfli adamın ən böyük məziyyəti nəfsinə hakim olmaqdır. “Nəfsə tabe olmaq – azğınlıq əlaməti, ehtiras və həvəsə uymamaq isə peyğəmbərlik hünəridir”. Nizamiyə görə, həyatı gözəlləşdirən ən böyük əsas yaxşılıq etməkdir. “Xalqa qarışmaq, xalqa faydalı olmaq – budur insanlığın əlaməti”. Ictimai varlıq olan insan, Nizamiyə görə, şərəfinin qiyməti ölçüyə gəlməyən bir məxluqdur. Şairə görə, həqiqi insan təbiət qarşısında aciz və kainata tabe olan bir məxluq deyildir. Şairin “Həft peykər”də yazdığına görə, “göydəki ulduzlar insanın bir fəaliyyət vasitəsidir. Bütün çətinlikləri asanlaşdıran insandır. Səyyarələrə şamil edilən keyfiyyətlər, insanın onlarda təsəvvür etdiyi dəyərdən başqa bir şey deyildir”. “Yer göyə, insan da firiştəyə (mələyə) bərabərdir”. “Əslinin haralı olduğunu bilən bir insan cəsədsiz də yaşayar”. Daha doğrusu, “can (ruh) ölməz, yalnız yerini dəyişər”. “Zamanın ilk mənzili yer, dünyanın son nəsli də insandır”. Bu insan “özünü tanıdıqda, Allahı da tanıyar”. Insan – sözün mənəvi və psixoloji mənası ilə bir insan – “iki aləmi özündə təmsil edən bir nurdur”. Bu, Şərq sufilərinin “insani-kamil” dedikləri kamil insandır. Bu “kamil insan” anlayışı müasir alman məktəbinin “Üвermensch” dediyi üstün insana bənzəyir. Insanın üstünü kimi, kamili də təbiət və ya Allahın bir vergisi olaraq meydana gəlir. Bu, zahirən “bir-birinə bənzəyən çoxlu daşlar” kimi isə də, həqiqətdə onlardan fərqlənən bir cövhər – Nizaminin təbirincə, bir ləldir. Amma iki formul arasındakı oxşarlıqla bərabər, bunlardakı fərqə də diqqət etmək gərəkdir: “Üstün” sifəti “cövhərliliyin” mütləqliyini göstərdiyi halda, “kamil” anlayışı zəhmət ilə nəfs tərbiyəsinə, öz-özünü kamilləşdirməyə məlum bur yer ayırır. Hər insan, istəsə, kamilliyə yetişə bilər; yəni hər insan əsas etibarilə kamilləşə bilər. Nizami bizə bu kamilləşmənin yolunu da göstərməkdədir. Oğlu Məhəmmədə verdiyi nəsihətlərdə göstərdiyi üsulu belə ümumiləşdirmək olar: Insan müəyyən bilik və hünər (sənət) sahibi olmalıdır. Nəsəb insana ancaq uşaqlıqda yarayır: böyüdükdə fəzilətli oğlu olmaq kifayət etməz, çünki insan yalnız öz fəzilətinin övladı olmalıdır. Şair müəyyən bir sənət sahibi olmağı o sənətdə ustalıq və kamilliklə birlikdə qəbul edir. “Yalnız oxumaq kifayət deyil, oxunan hər vərəqi yaxşıca və tamamilə anlamaq gərəkdir”. “Öyrənməkdən usanmayan insan sudan inci, daşdan ləl çıxarar”. Insan istısı mələk olar; bunun üçün onun Xızır kimi özünü tanıması kifayətdir. Özünü tanıyan adam abi-həyatı (“dirilik suyunu” – red.) içmiş kimidir. “Abi-həyat” isə sözün həqiqi mənasında “yaşadan su” deyil, “ağıllı can ilə canlı ağıl” deməkdir. Can bir çıraqdır ki, yağı ağıldır. Ağıl, Nizamiyə görə, Allahın yaratdığı ilk məxluqdur. Bu məxluqa yaradılışın gizli saxlanılan ilk sirrindən başqa, bütün məxluqların necə yaradıldıqlarını anlamaq feyzi və qüdrəti verilmişdir. Ağıl – can (ruh), bilik isə onun bədənidir. Ağıllı can – Allahın bəxşişi, canlı ağıl isə əbədi həyatın özüdür. * * * * * * Nizamidə eşq fəlsəfəsi Arasaq dünyanın oluşunu, Eşqdə taparıq duruşunu! N i z a m i Xalqa xidmətdən zövq alan kamil insan ruhunun ölməzliyinə inanan nikbin şairin bu görüşə uyğun bir fəlsəfəsi vardır. Nizamiyə görə, kainatın söykəndiyi yeganə dayaq eşqdir. Bütün varlıqlar eşqlə dayanır və onunla hərəkət edirlər. “Fələyin eşqdən başqa bir məhvəri yoxdur!”. Dünya yalnız eşq manivelası üzərində dönməkdədir. “Eşqin qulu ol, çünki qulluq ediləcək yeganə ağa odur”. Ərənlər ancaq bu işlə məşğul olmuşlar. “Eşqdən başqa dünyada nə varsa, hamısı oyuncaqdır”. Dünyada nə varsa, hamısı bazi, Illa ki, təriqi-eşqbazi! “Asiman aşiq olmasaydı, yer necə yaranardı?!” “Eşqdən nəsibi olmayan insanın yüz canı belə olsa, yenə ölüdür”. “Leyli və Məcnun”dan götürdüyümüz bu fikir aşağıdakı kimi davam edir: “İt kimi yalnız yemək və yatmaqla kifayətlənmə; bir pişik də olsa, ona könül ver. Çünki bir pişiyin eşqi ilə aslan olmaq, öz nəfsinə düşkünlükdən yaxşıdır”. “Eşqdən bir dənə olmadıqca, kimsənin toxumu göyərməz; eşq evinə sığınmasa, heç kəs özündən əmin ola bilməz”. Nizamiyə görə, eşq cansızlara belə hakimdir. “Maqnit aşiq olmasaydı, elə bir şövq ilə dəmiri necə qaldıra bilərdi”. “İçində bir eşq mayası olmasaydı, kəhrəba samanı necə çəkə bilərdi?!” “Dünyada nə çox daş və nə çox mineral vardır: amma bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkir!”. “Son dərəcə müxtəlif növlü şeylərdə öz mərkəzlərinə doğru meyl etmək xüsusiyyəti vardır. Od yerin mərkəzində qərar tutmamış olsaydı, kürəmiz partlayar, havaya uçardı!” “Su havada çox qaldıqda ağırlığının təsiri ilə yerə qayıdır”. “Cisimlər arasında daimi bir yaxınlaşma və qovuşma vardır ki, filosoflar buna eşq demişlər!” “Yaxşı diqqət edilsə, yaradılışın ancaq eşq üzərində durduğu görünər!” Varlığı eşqin məhsulu kimi qəbul edən şairin özü də ən böyük aşiqdir. Necə ki, “Xosrov və Şirin”dən götürdüyümüz yuxarıdakı fikirləri o, özünə aid bu sözlərlə bitirir: “Eşqsiz özümdə can görmədim; qəlbimi verdim, can aldım!” Insan vücudunun mühərriki – ürək bahasına alınan bu cana bərabər eşq, şübhəsiz, sözün geniş mənasında götürülür. Belə ki, “Leyli və Məcnun”da eşq barəsində aşağıdakı sözləri oxuyuruq: Yüksələn nurun eşq aynasıdır, Şəhvət, əlbəttə, eşqin ayrısıdır. Gər qərəz güdsə eşq, fanidir, Eşq çunki qərəzin aridir. Qərəzə eşq hərgiz olmaz yar, Qərəzin qonduğundan eşq uçar. Eşqi qərəzdən ayıran şair, eşqdən də fədakarlıq tələb edir. Aşiq – özündən keçən fədakar deməkdir. Həmin “Leyli və Məcnun”da bu sözlərə rast gəlirik: “aşiq canını verib, cananını istər; canından qormaz”. Bu aşiq dayanmadan cananına can atar. Bu kimi insanlarda sevgiliyə yetişmək yolunda səbr və təhəmmül olmaz. “Onlar pərvanə kimidirlər: yansalar belə, sevdikləri oda qovuşmaq istərlər”. Şairin səbirsizliklə xarakterizə etdiyi eşq “gənclik şəhvətinin oyuncağı” olan keçici bir həvəs deyil, “əbədi vurğunluq”dur. Nizami sənətinin həyatsevərlikdən, özgəgüdərlikdən və aşiqliqdən yoğrulmuş, zəriflik və gözəllikdən ibarət parlaq “çölü”, kökləri eyni qaynaqlara əsaslanan yüksək fikirlərdən təşkil olunmuş “içi” ilə tam həmahəngdir. Zaman etibarilə kürəmizi kainatın “ilk nəsli” (“bətn”) kimi təsəvvür edən şair, məkan etibarilə, insanı dünyanın son nəsli hesab edir. Yaradılmışların ən şərəflisi və varlıqların ən kamili olan insanın Nizamiyə görə, ən böyük dəyəri, böyük Yaradanla mənəvi və ruhi təmasa girə bilmək qabiliyyətinə malik olmasıdır. Pessimistlərin nəzərində yerdə sürünən səfil və aciz insan, Nizaminin optimist baxışlarında yüksəkliklərə qalxan, Allahın lütflərini görən, planetlərin mövcudluğu və hərəkətlərinin sirlərini anlayan qüdrətli bir qəhrəmandır. Bu qəhrəmanın necə varlıq olduğunu Nizami, yuxarıda qeyd etdiyimiz beytlərdə müəyyən etmişdir. Burada həmin beytlərdən yalnız bir-iki misranın təkrarı məqsədəuyğundur: “Göydəki bütün ulduzlar insanın bir fəaliyyət vasitəsi olmaqdan başqa bir şey deyildir. Onların özlüyünü təmin edən işıq bizik. Yaradılışı irəlilədən mələk insandır. Yaradanın vəzifəsi isə yalnız yol göstərməkdir”. Nə olduğunu və hansı qaynaqdan gəldiyini anlamış insan, Nizaminin nəzərində, yaşamaq üçün ətdən və sümükdən ibarət bir cəsədə möhtac deyildir. Bu, yüksəklərdə uçan bir ruhdur (“can”) ki, qətiyyən məhv olmur, yalnız şəklini (“qəlbini”) dəyişir. * * * * * * Nizaminin dinə münasibəti və ictimai idealı Başqasına faydalı iş görməyə, Şam kimi gəl hazır olaq yanmağa! Nizaminin insan haqqındakı mistik anlayışı onun dini dünyaduyumundan irəli gəlir. Nizami dindardır. Fəqət bu, mərasimçilikdən ibarət olan quru bir dindarlıq deyildir. Nizami bütün varlıqları Allahdan bilir – öz-özünə mövcud olan, varlığının forması olmayan, kimsəyə bənzəməyən, dəyişməyən və ölməyən bir Allahdan! O, belə bir mücərrəd Allaha tapınır. Bu tapınmada o, səmimi və fədakardır. Allaha münasibətdə doğruluq və səmimiliyi əsas tutan filosof şairin, allahsevərlik barədə mövqeyi də o qədər ciddidir. Özünə “allahsevər” (“izədpərəst”) deyən hər kəsi Nizami allahsevər kimi qəbul etmir. Özünü qiblə sayan (eqosentrik) bir özgüdər (eqoist), Nizaminin fikrincə, qətiyyən Allah adamı və ya allahsevər ola bilməz. Eqoizm və allahsevərlik, şairə görə, bir araya sığmayan şeylərdir. Allahsevərlik, onun fikrincə, özündən keçmək deməkdir. Çünki allahsevərlik – gündüzə, özgüdərlik isə gecəyə bənzəyir. Gündüzlə gecə nə cür bir araya sığa bilər?! “Allah, yalnız Allah yolunda özündən keçən abidləri seçər”. Məşhur ifadə ilə desək, Nizami “fəna fillah”dır. O, “əvvəllərin əvvəli və sonların sonu olub”, “heç bir şey yox ikən, var olan” Yaradana etiqad edir. Şairin asimani bir eşq və cazibə ilə tapındığı bu qüvvə isə birdir: hər bir halda şərik qəbul etməz. Yaradılışda ikilik və ya çoxluğu “vəhdaniyyətçi” Nizami kökündən rədd edir. O, özünün vahid Yaradan tərəfindən yaradıldığına inanır. “Yaxşısa da, pissə də yaradılışı ondandır”. Bu axıra qədər məntiqi bir düşünüşlə, Nizami qatı bir “vəhdətçi”dir. Buna görə də şair, məcusi əfsanələrindən bir sənətkar kimi o qədər faydalanmış olduğu halda, qədim İran dini zərdüştilikdən iki Allah ideyasını kökündən kəsib atır. Əvvəlcə də söylədiyimiz kimi, Nizami atəşpərəstliyin amansız düşmənidir: xeyir allahı Hörmüzd ilə şər allahı Əhrimən arasındakı mübarizə ikiliyini (dualizmi) qəbul etmir. Təkallahlılıq və varlıqda təsəvvür etdiyi vəhdət Nizamini tək həqiqət sisteminə gətirib çıxarır. Həqiqət, dindar Nizamiyə və yaşadığı dövrün hakim əqisədinə görə, dində təzahür edir. Bunun üçündür ki, Nizami ən çox idealizə etdiyi qəhrəmanı İskəndərin yalnız cahana hakim bir imperator olması ilə kifayətlənməmiş, eyni zamanda, ona peyğəmbərlik rütbəsi də vermişdir. Diqqət yetirməyə dəyər ki, İskəndər tutduğu məmləkətin irqi, məhəlli və dil xüsusiyyətlərinə hörmət etdiyi halda, təkallahlılıq əqidəsini yaymaqda təəssübkeşdir. Iranın bütün reallıqlarına toxunmayıb atəşpərəstlikdən ibarət olan dinini rədd etmiş, atəşgədələri tamamilə dağıtmış, “müqəddəs” atəşləri söndürmüşdür. Təkallahlılıq, fənafillahlıq, təkhəqiqətçilik və həqiqətə aşiqlik kimi başlıca qaynaqlardan doğan Nizamilik, insan və ya daha geniş yayılmış təbirlə, fərd və cəmiyyətin, yaxud vətəndaş ilə dövlətin münasibətlərini olduğu kimi, millətlərarası münasibətləri də özünəməxsus şəkildə nizama salan bir təfəkkür və dünyagörüşü sistemini meydana gətirmişdir. Insan, mücərrəd bir ruh olmaq etibarilə, ancaq “fənafillah” olduğu zaman mənəvi dəyər və şərəfini qoruya bilir. Nizaminin fikrincə, müəyyən bir olmaq baxımından da, insan yalnız mənsub olduğu cəmiyyətə faydalı olması, başqa sözlə, “fəna familləliyi” dərəcəsində şərəflidir. Şairə görə, “hər fərd öz millətindən bir parça olduğu üçün dəyərlidir: bu, bir nemətdir. Bu neməti rədd etmək milləti rədd etmək deməkdir”. “Küfrani-nemət” və “küfrani-millət”də olmamaq üçün Nizami fərddən cəmiyyət naminə fədakarlıq tələb edir. Şairin özgüdərlik və yalnız özünü düşünmək qədər pis saydığı başqa bir şey yoxdur. Təkbaşına dünyanı tutmaq mümkün deyildir. Təcrübəsi olan bilir ki, tək yeyən, tək də ölür. Buna görə şair, “arpa suyu da olsa, tək içməməyi tövsiyə edir; çünki tək içənin üzü dəniz suyu kimi acı olar”. Fərdin şərəfini cəmiyyət üçün çalışmaqda görən filosof şair ictimai həyatın yalnız əlbirlik, fərdlərin qarşılıqlı dayaq, kömək və yardımları sayəsində düzələ biləcəyini öyrədir. O, bu barədəki fikirlərini hikmətli və şairanə təşbehlər donunda verir: nə vaxtadək əhəmiyyətli bir ruh, ruh əhlləri haradadır? Yoldaş necə oldu, dost hanı? – deyə soruşan şair yazır: “Xurmanın bal dadması ağacının həmdəmliyindəndir”; “qurdun ipək papağı yoldaşlarının yardımınandır”; “qarışqa yoldaşlarının verdikləri fərəhlə canlanaraq, özündən böyük şeyləri daşıyır”; “Çində hamı ipək toxumaz, həsir toxuyanlar da var”; “etidal və ahəng üzərində görülən hər bir işin sonu uğurla bitər”. “Başqalarının işinə yaramaq üçün”, Nizami insana “şamtək yanmağı” tövsiyə edir, əgər insan insanlara qarışır və onlara faydalı olursa, həm dünyada, həm də axirətdə xoşbəxt olur”. Şair cəmiyyət naminə görülən bu özgəgüdərliyin şairanə bir timsalını da verir: “dünyanı güldürdüyü üçün günəş özü də gülür”. Yalnız öz şəxsi mənfəətini düşünüb daim yemək və əylənmək dərdi çəkən özgüdərləri Nizami insan yerinə saymır. “Eşşək kimi gözü daim yemdə olan insandan it daha şərəflidir” – deyir, və əlavə edir: “Çalış ki, xalqın işinə yarayasan; ta ki, xidmətinlə dünyanı bəzəmiş olasan”: Kuş ta xəlq-ra be kar ayi Ta be xedmət cəhan beyarayi! “İqbalnamə”nin sonlarında bir “Cənnət şəhər” səhnəsi vardır. Qırğızların /“Xırxız”/ yaşadığı bir yerdə Allah adamı olan məsum insanlar, İskəndərə dağın o biri tərəfindəki vəhşi Yəcuc-Məcuclardan şikayət edirlər. Bu ibtidai vəhşilər hücum çəkir, bu tərəfləri talan və qarət edirmişlər. Məzlumlar peyğəmbər kimi qarşıladıqları İskəndərdən bu zalımlara qarşı bir tədbir istəyirlər. İskəndər də dastanlarda məşhur olan dəmir səddi çəkdirir. Vəhşilər bir daha bu tərəflərə keçə bilmirlər. Yəcuc-Məcuc bəlasını dəf etdikdən sonra Yunanıstana doğru hərəkət edən İskəndər, yol üstündə əfsanəvi bir şəhərə rast gəlir – Cənnət kimi abad, şən və firavan bir yer: nə daşdan divarları, nə də ağacla dəmirdən qapıları var... Bir neçə nəfərlə şəhərə girən İskəndər gördüyü mənzərəyə heyran qalır. Ağızlarına qədər dolu ikən, dükanların qapılarında qıfıl yoxdur. Gülər üzlü əhali İskəndəri və yanındakıları hörmət və sevinclə qarşılayırlar. Onu bir saraya gətirir, hörmət ehtiram edirlər. Padşah bu münasibətdən həm məmnun, həm də heyrandır; ev sahibindən soruşur: – Bu inam, bu qorxusuzluq nədir?! Nədən özünüzü qorumaq üçün heç bir tədbiriniz yoxdur?! Qapılarınızda qıfıl, bağlarınızda bağban, sürülərinizdə çoban yoxdur! Bu laqeydliklə özünüzü necə təhlükəsiz sayırsınız?! “Ədalət şəhəri”nin böyükləri, şaha dua edib belə cavab verirlər: – Bu yerlərdə gördüyün bizlər, əslində zəif, fəqət dindar adamlarıq. Doğruya meyl edir, əyridən qaçırıq. Dünyanın qapısını əyriliyin üzünə qapamış və bu aləmdə dincliyi doğruluqda tapmışıq. Heç bir vaxt yalan söyləmərik, Tanrının sevdiyini edər, buyurduğuna boyun əyərik; kimsəyə qarşı zorakılıq etməz, acizlərin əlindən tutarıq; bizlərdən biri zərər görsə, onu öz malımıza ortaq edərik; heç kimin malı o birilərdən artıq deyil; hər kəs vəziyyətinə görə təmin olunub, özümüzü qardaş sayar, başqasının dərdinə sevinmərik. Oğrudan qorxmuruq – nə şəhərdə nəzarətçimiz, nə də kənddə gözətçimiz var. Başqalarından bir şey oğurlamarıq, bizdən də heç kəs bir şey oğurlamaz. Nə qapıda qıfılımız, nə sürüdə çobanımız vardır. Uşaqlarımızı Allah böyüdür. Heyvanlarımızı da qurddan, pələngdən o qoruyur. Toxumu torpağa atır, qalanını Allaha tapşırırıq – biçin fəsli gəlməyincə, heç kəs arana – buğda zəmisinə getməz; öz-özünə bitən məhsuldan birə qarşı yeddi yüz alırıq. Nə etsək, təvəkkülümüz Allahadır – qorxduğumuz da o, güvəndiyimiz də odur – başqasına sığınmarıq. Bizlərdən birinə başçılıq etmək nəsib olursa, fikirlərimizlə ona yardım edirik. Heç kəsi pis yola çəkməz, fitnə törətməz, qan tökmərik. Bir-birimizin dərdi ilə dərdlənir, səadətinə sevinərik. Qızıla-gümüşə qiymət vermərik, bizlərdən heç kəs bunlara ehtiyac görməz. Heyvanlar bizdən qaçmır, çünki biz onları incitmirik. Ov bizim üçün bir əyləncə deyildir. Ovdan ancaq ehtiyacımız nisbətində faydalanırıq. Nə öküz ilə eşşək kimi çox yeyir, nə də ağzımızı qapayırıq. Yay olsun, qış olsun, yemək süfrəsindən doymazdan bir az qabaq qalxarıq. Bizlərdən heç kəs yaşı keçməmiş və vaxtı gəlməmiş, cavan ölməz. Ölülərimiz üçün kədərlənmərik, çünki bunun faydasız olduğunu bilirik. Heç kimin arxasınca üzünə deyilməyəcək bir söz söyləmərik. Casusluq nədir bilmərik. Allahın işinə qarışmır, “bu nə üçün belə”, “o nə üçün elə” soruşmarıq. Bizim cəmiyyətdə yalnız bizim əxlaqımızda olanlar yaşaya bilir. Adətdən kənara çıxanlar, dərhal yanımızdan kənar edilir! Nizami yazır ki, İskəndər bunları eşitdikdə heyrətdən yerində donub qaldı. “Çünki bundan gözəl hekayəti nə eşitmiş, nə də kitablarda oxumuşdu”. Gördüyü bu “Cənnət şəhər”in ictimai quruluşu barədə düşünən İskəndər öz-özünə: “Bu xalqı əvvəldən görmüş olsaydım, dünyanı başdan-başa dolaşmağa qətiyyən ehtiyac görməzdim. Dağın bir guşəsinə çəkilib Allaha ibadət edərdim. Adətim bu qaydaların eyni olar, dinim də bu dindən başqası olmazdı” – deyir. “İskəndərnamə”nin 18000 beyti ayan və həqiqətlə əfsanəni Nizamiyanə bir surətdə yoğuran, müxtəlif dastan, hekayə, məsəl və hikmətləri əhatə edən canlı səhifələri, şairin ən axıra saxladığı bu “Cənnət şəhər” səhnəsi ilə bitir. Iskəndər peyğəmbərin arayıb tapdığı bir ideal sistem, filosof Nizaminin, şübhəsiz, bilavasitə gerçəklənməsini arzuladığı ictimai quruluşun özüdür. Sovet şərqşünaslarından Bertelsin fikrinə görə, “İskəndərnamə”nin “Cənnət şəhər” haqqındakı hissəsinin oxuyarkən “həyəcanlı bir qürur və iftixar hissi” bürüyür. Çünki Nizami bu ideal sosializmi, şimalda – SSRİ-nin olduğu yerdə yerləşdiribmiş!” “Cənnət şəhər” qətiyyən heç də SSRİ-nin olduğu yerdə deyil. Çünki Nizami İskəndərin bu şəhərdən ayrılaraq, Yunanıstana doğru aldığı yolun istiqamətini göstərmişdir. Həmin istiqamətə əsasən, İskəndər dənizdən keçmiş və xeyli yol aşdıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babildən də Şəhrizura getmişdir. Bu cür aydınlıq olduğu halda, “Cənnət şəhər”in qırmızı Moskva olduğunu” iddia etmək coğrafiya elminə təhqirdir!.. Şairin təxəyyülündə canlanan bu ideal şəhərin yerini təyin etmək mütləq lazımdırsa, onu /“Xırxız”/ Qırğızla bağlı bir ölkədə axtarmaq gərəkdir. Hər ideal şeyi türklüyə aid edən şair “ideal şəhəri” də Türküstanda görmüşdür. Qədim yunan mənbələrində də məhz Türküstanda xüsusi mülkiyyət bilməyən cəmiyyətlərdən bəhs olunur. Yaxşı coğrafiyanı bir tərəf qoyaq!.. Baxaq görək, Nizamidəki “Cənnət şəhər”lə sovet cənnətindəki şəraitdə bir-birinə oxşar cəhətlər vardırmı? Nizaminin “Cənnət şəhər”i dindardır, sovet cənnəti isə dinsizdir. Birincisi Allahı tanıyır, o biri isə rədd edir. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük təbliğat silahıdır. Birincidə sevgi əsas, ikincidə isə nifrət hakimdir. Birincidə anlaşma əsas ikən, ikincidə sinif qovğası əsasdır. Birincidə heyvanlar belə təhlükəsiz yaşadığı halda, ikincidə insanlar daim ölüm qorxusu altındadır. Birincidə qan tökmək haram ikən, ikincidə qanlılıq əsasdır. Birinci oğurluq nədir bilmir, ikincidə isə oğurluq ən qanlı polis rejimidir. Birinci casusluq bilməz, ikincidə hamı casusdur. Birinci silahsız və dindar, ikinci təpədən-dırnağa qədər silahlıdır. Birinci fitnə nədir bilməz, ikinci bütün dünyanı bürüyəcək bir fitnə yuvasıdır. Sözün qısası: Dini əxlaqa və ictimai anlaşmaya əsaslanan “Nizami sosializmi” ilə dini rədd edən və siniflər qovğasını əsas tutan qanlı “rus sosializminin” bir-birinə bənzər heç bir tərəfi yoxdur!.. Nizaminin Rusiyadan və ruslardan bəhsi isə aydındır: O, öz ana yurdunu və onunla birlikdə bütün mədəni dünyanı idealizə etdiyi qəhrəmanı İskəndərin əli ilə rus təhlükəsindən xilas etmiş və onu əsirlikdən qurtarmışdır. Həmin İskəndərə kəşf etdirdiyi “Cənnət şəhər”i o, yenə həmin İskəndərin əli ilə “yandırıb külə döndərdiyi bir yerdə” necə təsəvvür edə bilərdi?.. Belə bir imkansızlığı yalnız dünyanın bütün millətlərini hakimiyyəti altına alıb, onlardakı maddi-mənəvi bütün dəyərləri mənimsəmək istəyən qırmızı bolşevizmin ideoloqları təsəvvür edə bilərlər, Nizami yox! Lütfünü gördüyü rejimə, bəlkə də məcburən, bir xoş söz olsun deyə, Bertelsin, bir də “zəmanəmizdə yaşamış olsaydı, Nizami bizimlə /yəni bolşeviklərlə/ birgə olardı!” hökmü vardır. Fəqət, bizim fikrimizcə, sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya sığa bilərsə, Nizami ilə bolşeviklər də o qədər birgə ola bilərlər!.. * * * * * * Nizaminin dövlət haqqında görüşləri Dinində dövlətin zülm haramdır, Zalımlara dövlət candan düşmandır. Samanlığa eşşək düşərsə nagah, Deməm yazıq eşşək, samana eyvah! N i z a m i Fərdi cəmiyyət üçün çalışmağa borclu bilən Nizaminin dövləti təmsil edən hökmdarlara verdiyi tələbləri də gözdən keçirmək lazımdır. Yaradılışda ikilik qəbul etməyən Nizami üçün şüurlu insan cəmiyyətində başlıca şey ictimai ahəng və ədalətdir. Dövlət təmsil etdiyi cəmiyyəti bir-birini didən düşmən zümrələrin yırtıcı ehtiraslarının ixtiyarına verməməlidir. Onun ən böyük işi – varlığının hikməti – asayişi təmin etmək və ədaləti yaymaqdır. Nizamiyə görə, dövlət anlayışı ilə zülm anlayışı bir araya sığa bilməz. “Dövlət məzhəbində zülm haramdır. Zülm edən adam dövlətlə dost ola bilməz”. Dövlətin başına keçmiş zalım padşahı şair “samanlığa girmiş eşşəyə” bənzədir və “eşşəyə deyil, samanlığa yazıq” deyir. Ideal dövlətdə ağıllı hökmdar bütün işləri işbilənlərə həvalə edir: İskəndər belə etmişdir. Bilikli məsləhətçilərin köməyi ilə dövlət, qocaların təcrübəsini gənclərin gücü ilə birləşdirərək fəaliyyət göstərir. Nizamiyə görə, dövlət başçısı “sürüyə cavabdeh bir çobandır”. Hətta bundan da məsuliyyətli bir mövqedədir. Başdakı beyin bədənin bütün üzvlərini idarə etməkdə hansı mövqedədirsə, dövlət başçısı da onun kimidir. “Əl ayağın fəaliyyətindən razı deyilsə, cavabdeh başdır”. Fərd dövlətə münasibətdə müəyyən vəzifələri icra etməyə borcludur. Amma fərd, hər hansı dövlətdə yalnız vəzifə daşımağa borclu deyil, həm də bir sıra hüquqlara malikdir. Padşahlara xitab edən şair “heç bir fərdə zor və lovğalıqla baxma, o da özünə görə möhtəşəmdir” – deyir. Nuşirəvanın vəziri Büzürcmehrin bayquşların dilindən tərcümə etdiyi söhbəti yəqin ki, xatırlayırsınız. Nizami eyni təkidlə, hökmdarları zülm işlətməkdən daim çəkindirir. “Padşahın əsl düşməni zülm edən ədalətsiz məmurlardır. Xalq zülm edəndən üz çevirər”. Yunan filosofları İskəndərə Daradan qorxmamağı məsləhət görürlər. Çünki “ondan narazı olan daxili düşmənlərinin mövcudluğunu” bilirlər. Necə ki, müharibə zamanı İskəndər İran şahına qarşı bu daxili düşmənlərdən istifadə edir. Hər hansı məmləkətin firavanlığı, şairə görə, hökmdarların xeyirxahlığı sıx surətdə bağlıdır. “Padşahın niyyəti yaxşı olarsa, çöllərdə ot yerinə gül bitər. Niyyəti bəd olan ağacın budağı quruyar; xoş niyyətli padşah ətrafına bolluq bəxş edər; məmləkətdəki abadlıq və firavanlıq padşahın yaxşılığından xəbər verər!” Şair, Sasanilərdən Hörmüzdün canı qədər sevdiyi oğlu Xosrova münasibətindəki ədalətdən bəhs edərkən, bundan əvvəlki hissədə işarə etdiyimiz kimi, özünü saxlaya bilmir, dərhal dövründəki vəziyyətə keçərək, “yüz fağırın qanı töküldüyü halda, bir yolkəsənin yaxalanmadığından” şikayət edir!.. Başqa bir əsərində də, “ədalət bu dövrdə aradan qalxdı, Simurğun (əfsanəvi bir quşdur) qanadlarında yuva saldı. Bu göy günbəzdə həya, bu asılı torpaqda abır qalmadı. “Qalx, ey Nizami, çoxlu göz yaşı tök, qana dönmüş bu qəlb üçün qan ağla!” – deyir. Dövlətin ədalət yaymağa borclu bir orqan olması fikrini təlqin etmək üçün sənətkar, “Heft peykər” kimi incə düşünülmüş möhtəşəm bir mənzumə yazmışdır. Bu gözəl poemada şairin yürütmək istədiyi fikir aşkardır: padşah və ya dövlət başçısı sürüyə cavabdeh bir çoban deyil, bundan daha artıq, sürünün salamatlığı üçün məsuliyyət daşıyan bir köpəkdir. Bu, vəzifəni unudaraq kefə dalan və idarəni zalımlara tapşıran hökmdarlarla, hekayədəki “dişi canavarla cütləşən köpək” arasında heç bir fərq yoxdur. Çöldə rastlaşdığı çobanın vəzifəsində səhlənkarlıq etmiş köpəyi cəzalandırdığını görərək, gözləri həqiqətə açılan Bəhrama, şair dərhal “həftənin yeddi gecəsini yeddi iqlim gözəlləri ilə keçirməyi” tərgidib, onu “ədalət gözəlinin” (“peykər-e ədl”) qucağına atır. Bəhram-Gur surətini təsvirə başlarkən belə, şair Bəhramın ədaləti qorumaq niyyətilə mübarizəyə atıldığını qeyd edir və onun dili ilə hökmdarlığın əsl mənasını ifadə edən bu beyti verir: Fərz olan bizlərə budur, bilirik: Zülümə zülm, ədlə ədl edərik! Şairin bütün yüksək dəyərlər üçün məcaz olaraq “türk” sözünü işlətməyi sevdiyini bilirik. “Məxzən-ül-əsrar”da zülm görmüş qoca bir qadının dili ilə, Böyük Səlcuqlardan Sultan Səncərə edilən xitab da diqqətəlayiqdir. Nizamiyə görə, dövlət mütləq ədalətli olmalıdır. Türk dövləti isə xüsusən ədalətli olacaq. Bunun üçün də qoca qadının dili ilə Səncərə müraciət edərək: “madam ki, ədalətli deyilsən, demək türk deyilsən!” – deyir. Nizami, haqqında danışdığımız bu fikirlərini yalnız nəzəri olaraq deyil, özünə müasir olan hökmdarlara da cəsarətlə söyləmişdir. “Leyli və Məcnun” mənzuməsinin “Xatimə”sində şairin Şirvanşah Axsitan Mənuçehrə həsr etdiyi mədhiyyə vardır. Burada Nizami şirvanşaha, yunan filosoflarının adından sevdiyi qəhrəmanı İskəndər üçün yazdığı “Xirədnamə”lər üslubunda öyüdlər verməkdədir. Dini, əxlaqi, mülki və siyasi mahiyyətdə olan bu öyüdlər son dərəcə maraqlı momentləri ehtiva edir. Özünə “nüsrəti ilahi nəsihətçisi” deyən şair, mənəvi səlahiyyət və nüfuzuna güvənən bir insan ədası ilə, əsrinin padşahına “dünya heç bir padşaha qalmayıb, sənə də qalmayacaq” deyir. Və “cahanda əbədi qalmaq istəyirsənsə, cahana faydalı ol!” tövsiyyəsini verir. Sonra şair padşahı ayıq olmağa dəvət edir və dövlətin mənafeyi üçün heç bir çətinliyi dəf etməkdən çəkinməməyi tövsiyyə edir. “Dövlət işlərində, dövlətin nüfuzuna tük qədər xələl gətirən şeylərə yol vermə!” – deyir. Nizami padşahı düşmənlərə qarşı sayıq olmağa çağırır: “Üzr istəyən düşmənə inanma, qapından qov!” – deyir. Nizamiyə görə, iqtidar ilə təmkin bir-birini tamamlayan şeylərdir: “Güclü ol, amma təmkinini əldən vermə!”. Dövlətin idarə olunmasında şair, məsləhətləşmə tərəfdarıdır. O, padşaha “rəy və tədbir sahibi olduğun məlumsa da, başqalarının rəylərinə biganə qalma!” – deyir. Nizami məmduhunun ikiüzlü yaxınlarından (müqərrəblər) çəkindirir və vədə sədaqətli olmağı tövsiyyə edir. “Ədalət axtaranların cavablarını ancaq doğru sözlü adamlar vasitəsi ilə göndər; sözünə əməl et ki, hər kəs sənə güvənsin!” Sınanılmamışlara üz verilməməsini şair bir qaydaya çevirməyi padşaha məsləhət görür: “Kimsəyə sınamamış üz vermə; qəlbində yer olmayanlara güvənmə!” Düşməni kiçik saymamaq, düşmənlərə qarşı amansız, dostlara qarşı da vəfalı olmaq dövlət adamlarının xüsusi diqqət yetirməli olduqları məsələlərdir. “Vurduğunu kökündən vur, tutduğunu da atma” Müasiri olmuş bir padşaha nəsihət şəklində verdiyi bu fikirlərdə Nizami ideal dövlət başçısı üçün zəruri saydığı əsas vəzifələri bildirmişdir: bunlar, eyni zamanda, onun dövlət haqqındakı görüşlərini göstərir. * * * * * * İdeal hökmdar İsgəndər və onun möcüzəsi Allahdan İskəndərə vəhy: Bilərsən cahanda bütün dilləri, Danışar səninlə cahan elləri. Bu ellərdə olmasa da tərcüman, Sənin rumcanı hər kəs anlar əyan. N i z a m i Nizaminin baxışlarına uyğun dövlət idarəsini reallaşdıran ideal hökmdar İskəndərdir. Iskəndərin şəxsində Nizami biliyə, hikmətə və sənətə bağlı olan ziyalı bir hökmdar görür. Filosoflar, alimlər və ədiblər tərəfindən əhatə olunmuş bu hökmdarın özü də xarakter (səciyyə), cəsarət və qəhrəmanlığı ilə bərabər, alim, filosof və tədbirli bir insan kimi tanınır. Ona müavinlik edən vəziri Yunanıstanın ən məşhur filosofu Ərəstudur (Aristotel). Sarayında Yunanıstanın bütün tanınmış filosof və alimlərindən təşkil olunmuş Dövlət Şurası tipli yüksək bir məclis vardır. Dövlət işlərinə dair ən köklü məsələlərdə imperator bu məclislə məsləhətləşmələr aparır. Iskəndər elm və ədəbiyyat adamlarına böyük qayğı göstərir; onlarla elmin, fəlsəfənin daim məşğul olduqları böyük məsələlər barədə maraqlı mübahisələr edir. Bu qəbildən, İskəndərin meydana atdığı və zamanın bütün tanınmış filosofları tərəfindən müzakirə edilən “təkvini-aləm” (dünyanın yaradılışı) haqqında müxtəlif görüş və məktəblərin xülasəsi “İskəndərnamə”nin maraqlı bir qismini təşkil edir. Bundan başqa, eyni əsərdə İskəndərin hind filosofu ilə söhbəti də, yunan məktəbi ilə hind məktəbi arasındakı görüş və təfəkkür fərqlərini göstərmək baxımından diqqətəlayiqdir. Iskəndər sənətkarlar arasındakı müsabiqələri də xoşlayır. Rum və İran rəssamları ilə Çin rəssamı arasında keçən müsabiqə səhnəsi şair tərəfindən çox canlı bir şəkildə təsvir edilmişdir. Bu müsabiqələr imperatorun öz hüzurunda keçirilirmiş. Iskəndər başqa ölkələrdə, xüsusən İranda rast gəldiyi faydalı elmi əsərləri yunancaya tərcümə etdirir. Bu və ya digər şəkildə Yunanıstan elmini inkişaf etdirən İskəndər elm sahəsində yeni kəşflərə də nail olmuşdur. Dünyanın ilk xəritəsini çəkdirən odur. Iskəndər mahir bir təşkilatçıdır. O, yeni qayda ilə mükəmməl bir ordu yaratmış, bu ordunu təzə üsulla təlimləndirmiş, yeni silahlarla təchiz etmişdir. Bu ordunu özü şəxsən idarə edir. O, misilsiz bir sərkərdədir. Onun ordusu, Qafqaz döyüşündə gördüyümüz kimi, İskəndəri tanımış bütün millətlərdən təşkil olunmuş müttəfiq bir ordu şəklindədir. Nizami göstərir ki, İskəndər üçün ordu da, hərb də məqsəd deyil, yalnız bir vasitədir. “Hərb üçün hərb” prinsipini o, kökündən rədd edir. Şairə görə, İskəndər fitnəkarlıqla heç bir müharibə etməmişdir. Daraya qarşı etmiş olduğu sırf müdafiə müharibəsindən başqa, onun qalınlığı ilə seçilən iki mühüm döyüş olmuşdur. Bunlardan biri misirlilərin xahişi ilə zəngibarlı basqınçılara, digəri isə qafqazlıların xahişi ilə soyğunçu ruslara qarşı edilmişdir. Bütün başqa yürüşlərini isə İskəndər tədbir və fövqəladə hərbi nümayişlərlə nəticələndirmiş, qan tökmədən istədiklərinə nail olmuşdur. Nizami İskəndər diplomatiyasının əsaslarını da izah edir. Bu diplomatiyanın ana xətti getdiyi ölkələrdə tabe etdiyi xalqların qəlbini fəth etməkdir. Hətta hər bir döyüşün sonunda qalib gəlmiş İskəndər düşmən igidlərinin könüllərini alır, onlara lütflər göstərir; sistemini qəbul edən məmləkətləri özünə qəlbən bağlayan və düşmənçiliyi unutduran çarə və tədbirlərə əl atır. Çünki o, “millətlərin daim zora boyun əyməyəcəklərini” bilir. Xalqların torpaqlarını üstün güc ilə tutmaq mümkündür, fəqət qəlbləri fəth olunmamış millətlərin sədaqəti zorla qazanılmaz. Daranın məğlubiyyətindən sonra İskəndərin İranda tətbiq etmiş olduğu rejimin bu baxımdan diqqətəlayiq cəhətləri vardır. Iskəndər Kəyan padşahının daxili düşmənləri ilə gizli əlaqəyə girmiş, onlara edəcəkləri xidmət müqabilində böyük mükafat vəd etmişdir. Daranın qərargahına mənsub olan suiqəsdçilər müharibənin böhranlı bir çağında öz komandanları olan şahı xəncərlə vurmuş və bununla da döyüşün İskəndərin xeyrinə qurtarmasını asanlaşdırmışdır. Bu zəfərdən sonra İskəndər bütün İran böyüklərini toplayıb onlarla əhdi-peyman bağlamış, şahzadələri məmləkətin müxtəlif hissələrinə şah təyin etmiş, özü isə Daranın qızı Rövşənəklə evlənərək “şahənşah” adı ilə İran taxtına çıxmışdır. Bu işlər əsnasında İskəndərin Daraya qarşı gizli sövdələşməyə girdiyi xain İran sərkərdələri barədə tədbiri son dərəcə mənalıdır: İskəndər bütün İran əmirlərinin iştirakı ilə Daranı öldürmüş iki əmiri çağırır. Əvvəlcə onlara vəd etmiş olduğu qızılı tamamilə ödəyir – sözünü yerinə yetirir. Sonra isə ikisini də öz padşah və komandanlarına dönük çıxdıqları üçün edam etməyi əmr edir və bu əmri dərhal yerinə yetirdir ki, “heç kəs öz başçısına xəyanət həvəsinə düşməsin”. Irandakı bütün yerli və milli adətlərə hörmət edən İskəndər, yalnız atəşpərəstliyə aid bütün məbəd və müəssisələri dağıdıb, təkallahlılıq dinini yayır. Nizaminin təfəkkür tərzi üçün bu istisnanın təbii və xarakterik olduğuna yuxarıda işarə etmişdik. Ərəstunun İran yürüşündə İskəndərdən ayrılıb Ruma qayıdarkən öz hökmdarına verdiyi öyüdlər arasında “İskəndər siyasəti”nin xarakterini göstərən bəzi mühüm cəhətlər də vardır: Filosof vəzir öz padşahına getdiyi ölkələrdə “Siyavuş qanı”na bənzər kin doğuracaq əməllərdən çəkinməyi tövsiyyə edir. “Alçalmamaq üçün kimsəni alçaltmamağı” tövsiyyə edən vəzir iranlıların bir gün Daranın intiqamını almaq üçün ayağa qalxmalarının mümkün olduğunu unutmamağı padşaha xatırladır. Bunun üçün bu məmləkəti yerli şahzadələr arasında bölməyi, onlardan yalnız İskəndərin ümumi nüfuzunu tanımağı tələb etməklə kifayətlənməyi məsləhət görür; çünki bu halda “öz mülklərinin qayğı və problemləri ilə məşğul olan bu şahzadələr rumlular haqqında fikirləşməyə vaxt tapmazlar”. Eyni zamanda, yunanıstanlı vəzir İran torpaqlarında Rum hakimlərinin təyin olunmasının əleyhinədir, çünki “bu halda əhalidəki narazılıq və müxalifətin doğrudan-doğruya rumlular üzərinə keçmək qorxusu vardır!” Ümumiyyətlə, filosof vəzir İskəndərin yad ellərdə çox qalmayıb, tezliklə öz yurduna qayıtması üzərində israr edir. Çünki “bir adamın bütün dünyanı tutması və onu öz malı sanması düzgün deyil. Dünya bir çox mülkdən ibarətdir ki, hərəsi bir sahibin payıdır. Tanrının ayırdığı qismətə razı olan bir sahib, onun öz adına yazılmış olduğuna əmin ola bilər”. Ərəstu İskəndəri yalnız Yunanıstanın sahibi olmağa təşviq edir. Başqa xalqlar üzərində isə yalnız Yunanıstanın mənəvi nüfuzunu təmin etmək kifayətdir. Bundan artığı elə bir reaksiya doğurar ki, bu, ana vətənin fəlakətinə səbəb olar. Ərəstunun bəhs etdiyi “mənəvi nüfuz” Nizaminin mistik duyumuna görə, dindir: Təkallahlılıq dini. Bütün şəxiyyətlər bu ideala xidmət etməlidir. Bu həqiqətə xidmət etməyən hər hansı bir dövlət zalımdır. Tək Allah, tək din və tək həqiqətə bağlı olmayan bir qüvvə dünya hakimiyyətinə nail ola bilməz. Nüfuz və təsirini bütün dünyaya yaya bilmiş İskəndər, Nizaminin nəzərində, yalnız bir sərkərdə, siyasi xadim və hökmdar olaraq qala bilməzdi. Bunun üçündür ki, Nizamiyə görə, İskəndərə peyğəmbərlik verilmişdir. Allah tərəfindən bir səs ona: “Ey İskəndər, sənə peyğəmbərlik verildi; bütün dünyanı Allah yoluna çağıracaq, insanları təkallahlılığa doğru istiqamətləndirəcəksən!” – deyir. Allahın bu vəhyi qarşısında titrəyən İskəndər: – Mənəmmi peyğəmbər, bəs hanı mənim möcüzəm? – deyə soruşmuş və tərəddüd göstərmişdir. O zaman ilahi səs İskəndərə: – Möcüzən budur ki, bütün millətlərin dilini tərcüməçisiz anlayacaqsan, millətlər də sənin rumcanı, eynilə, vasitəsiz başa düşəcəklər! Bu böyük möcüzəyə qadir olan İskəndər dünyanı yenidən dolaşmış, bu dəfə yol göstərən peyğəmbər sifəti ilə gəzdiyi məmləkətlərdə təkallahlılıq dinini yaymışdır. Milli ləyaqətin tərcümanı dil deyilmi?. Bəli!.. Şair demək istəyir ki, millətlərarası nizam yalnız milli hüquqların tanınması ilə yarana bilər! Bəşəriyyətin can atdığı ümumdünya sülhünün bundan daha yüksək formulunu kim vermişdir?! * * * * * * Son söz “Azərbaycan şairi Nizami” barəsində nəzərdə tutduğumuz plan sona yetdi. Lakin Nizamini tamamilə anlada bildikmi? – Güman etmirəm! Böyük və dahi şair olan Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, rəngarənglik və cazibədarlığını tamamilə qavramaq mümkün olmadığı kimi, təbiət qədər böyük və onun qüdrəti olan Nizami yaradıcılığını da tamamilə qavramaq mümkün deyildir. Təbiətin bir küll halında qavrana bilməsi bir yana dursun, onun qavranıla bilən qismini də olduğu kimi nəql və ya rəsm etmək hər adamın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehirli fırça, nə qədər möcüzəli tişə olursa-olsun, təbiətdəki bütün dəyərləri ifadə etməkdə acizdir. Təbiətin bir fenomeni olan şer və hikmət Nizamisini anlayıb anlatmaq da o qəbildəndir. Təbiəti hər kəs öz təbiətindəki özünəməxsusluq və zəka səviyyəsində qavrayır. Buna görə də, eyni təbiət müxtəlif şəxslərdə müxtəlif cür inikas edir. Böyük eşq məsələlərinin müxtəlif yazıçılar tərəfindən müxtəlif şəkillərdə yazılışı, böyük sənət mövzularının müxtəlif rəssamlar tərəfindən müxtəlif metod ilə işlənməsi, böyük sosial hadisələrin müxtəlif filosoflar tərəfindən başqa-başqa şəkillərdə yozulması, heykəltəraşlıqdakı müxtəlif ənənələr və musiqidəki rəngarəng üslublar məhz bu müddəanı sübut edir. Bizim başa düşdüyümüzə görə, Nizami təbiətin nəhəng bir parçasıdır. Təbiətə hər baxışımızda necə əvvəllər görmədiyimiz bir yenilik görürüksə, Nizamini də hər oxuyanda onda yeni bir özəllik, yeni bir gözəllik tapırıq. Nizaminin inkişaf yolu da eyni ilə təbiətin təkamülünə bənzəyir. Bir gül necə tumurcuq halından keçib qönçələnir və sonra getdikcə yavaş-yavaş açılır. Hər gün bir qədər rəng və ətir alaraq, nəhayət, bütün etişamı ilə açıb olğunlaşırsa, Nizaminin yaradıcılığı da – eynilə bir gülün yetişməsi kimi, tumurcuqlanmış, yarpaqlanmış, çiçəklənmiş, açılmış və kamilləşmişdir. “Məxzən ül-əsrar”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” və nəhayət, “İskəndərnamə” şairin həyatının müxtəlif dövrləri və hər dövrdəki təbii meyl və istəkləri ilə sıx surətdə bağlıdır. Şair heç bir zaman özünü məcbur etməmişdir; işlədiyi mövzularla yaşadığı bədii və fikri həyat arasında tam bir mütənasiblik vardır. O, təbiət kimi təbiidir. Nizami, sənəti və fikri arasında təzad olmayan müstəsna bir şəxsiyyətdir. Onun sənət baxımından fövqəladə qüdrəti eyni dəyər və qüdrətə malik fikirləri ilə uğurlu bir ahəng təşkil edir. Nizaminin ən parlaq xüsusiyyəti həyatsevərlik və eşqdir. Eşqi onun qədər qüvvət və sənətkarlıqla qələmə alan ikinci bir şair yoxdur. Onun coşğun ilhamına bu mövzu qədər uyğun başqa bir mövzu olmamışdır. Onun misilsiz əsərlərində təsvir etdiyi eşq və həyat tablolarının böyüklük və gözəllik baxımından dünya ədəbiyyatındakı bənzərləri arasında müstəsna yeri vardır. Nizami tablolarının təsir qüvvəsi zaman keçdikcə azalmır. Şairdəki bu coşğun qüvvəni müasir bir təşbehlə izah etmək istəsək, Nizamidəki dinamizmi atom enerjisi ilə müqayisə edə bilərik; bu fərqlə ki, bu gün müəyyən qəlibə qoyulub istənilən istiqamətdə tətbiq edilmədiyindən yalnız dağıtmaq və yıxmağa yarayan atomun əksinə olaraq, Nizami özündəki dinamizmə qurucu bir istiqamət verə bilmiş, onu özündə mövcud olan zühd, təqva və ideyalılıq sayəsində müəyyən bir qəlibə sala bilmişdir. Bir yandan təbiət qədər coşğun və sonsuz yaşama arzusu, o biri yandan da bu arzunu nikbin dünyagörüşünə uyğun bir istiqamətə yönəldə bilən yüksək inam və iradə - məhz bu iki ünsür Nizaminin fövqəladə sənətkarlığını doğurmuş və bizə təbiət qədər böyük və onun qədər qavranılmaz bir aləm bağışlamışdır. Nizami məlum fərziyyəsində sənətin qiyamətə qədər yaşayacağını söyləyir. Bu iddia orta əsr Şərq ədəbiyyatının klassik şəkilləri üçün mübaliğəli görünsə də, Nizaminin əsərləri üçün mübaliğəsiz həqiqətdir. Xüsusən formadan öncə məna güdən Nizamilik üçün ki, bütün nikbinliyi ilə “İskəndər güzgüsü”ndəki kimi İskəndər tablosunda əks etmiş və zərrə qədər əhəmiyyətini itirməmişdir. Nizami şairanə detallarla təsvir və peyğəmbəranə duyumlarla təsəvvür etdiyi ideal dünyanın əsas cizgilərini “İskəndərnamə”sində vermiş və ideal hökmdar tipini də İskəndərin simasında göstərmiş, böyük bir tablo yaratmışdır: Iskəndər tablosu!.. Bu, Nizaminin qüdrətli əli ilə işlənmiş möhtəşəm bir əsərdir. Bu əsərdə o, sənətkarlığının əsl qayəsi olan siyasi və sosial fikirlərinə yekun vurmuşdur. Qədim bir keçmişə aid edilən bu tablo, şübhəsiz, şairin öz dövründən uzaq bir gələcək üçün olsa da, təsəvvür etmiş olduğu dünya quruluşu haqqındakı idealını əks etdirir. Şairin böyüklüyü ilə geniş və hüdud bilməyən fantaziyası sayəsində canlandıqca canlanan bu ideal iztirablar içində boğulan müasir bəşəriyyətin arayıb heç cür tapa bilmədiyi idealın bir obrazı deyildirmi?! Sosial ədalət, siyasi stabillik və harmoniyaya susamış müasir bəşəriyyətin vicdanını narahat edən qorxunc reallıq və ümidlərini oxşayan yüksək fikirləri XII əsrin bu qızıl qələmli şairi nə qədər real, nə qədər canlı və nə qədər parlaq təsvir etmişdir! Deyilmi?! Insanlığın dəyərini özünə xas yüksək bir tərzdə anladan şair kainata hökm edə bilən kamil insan haqqındakı görüşləri ilə təbiəti ram etməkdə möcüzələr göstərən çağdaş insan tipi və qüvvətli şəxsiyyət idealına tərcüman olmamışdırmı?! Fərdi səadəti milli və bəşəri xoşbəxtlikdə və bir parçası olduğumuz cəmiyyətə faydalı olmaqda görən filosof (Nizami) ən müasir sosiologiyanın gəldiyi nəticəyə hələ o zaman gəlməmişdirmi?! “Cənnət şəhər”in timsalında gördüyümüz kimi, Nizaminin maddiyyata deyil, mənəviyyata, nifrətə deyil, sevgiyə əsaslandırdığı ictimai quruluş sosial ədalətə susamış bugünkü bəşəriyyətin aradığı ideal nizam deyildirmi?! Dövlətin ictimai bərabərlik təmin etməyə, bilik və sevgi ilə idarə etməyə borclu olan bir ədalət orqanı olduğunu düşünən Nizami, müasirlərimizin can atdıqları təzadsız və sinfi çəkişmələr bilməyən, amirlik və istismara yol verməyən bərabərçi bir dövlət idealının müjdəsini yetirməmişdirmi?! Nəhayət, millətlər arasındakı münasibətləri hansı böyük filosof Nizamidən daha yaxşı bir şəkildə təsəvvür etmişdir? Bu təsəvvürə görə: Millətlərə zülm və hökmlə deyil, mənəvi bir nüfuz ilə yanaşmaq və qəlblərinin yeganə tərcümanı olan dillərini vasitəsiz olaraq anlamaq lazımdır. Dünya miqyaslı yaradıcılığı ilə cahan ədəbiyyatına ölməz şer tabloları ilə eşq, sədaqət, namus, inam və fədakarlıq obrazları bəxş edən, yüksək fəlsəfi düşüncə və kəskin siyasi görüşləri ilə insanlığın ən səmimi duyğularına və ən ülvi ideallarına tərcüman olan bu ilahi sənətkar bəşər mədəniyyətinin dahi bayraqdarıdır. Ağılları mat qoyan bu qüdrətini Nizami qəlbinin bütün telləri ilə bağlı olduğu ana yurduna və onun mədəni ənənələrinə borcludur. O, elinin, soyunun, yetişmiş olduğu mədəni mühitin oğludur. “Yunanlar dünyaya Homeri, farslar Firdovsini, italyanlar Vergilini vermişlərsə, biz də Nizamini vermişik” – deyə öyünən azərbaycanlılar haqlıdırlar. Bəli, mədəniyyət tarixində özünə çox şərəfli bir yer qazandıran bu misilsiz övladına Azərbaycan bütün varlığı ilə minnətdardır. Əsərlərində bunca ideallaşdırılan türklər də, şübhəsiz, türk Nizaminin böyük adı ilə fəxr edir, onun yüksək ruhunu rəhmət və minnətdarlıqla anırlar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/resulzade-azerbaycan-sairi-nizami İctimai mülkiyyət (müəllifin vəfat ili: 1955). Public domain (author died 1955). Original text only.