Əsərlər Məhəmməd Əmin Rəsulzadə (1884–1955) Ey gənclik EY GƏNCLİK! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi və ya şəhid olacaqsan! * * * Çağdaş Azərbaycan ədəbiyyatı Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq. Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm. Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illərdə Azərbaycan xalqı tarixinin ən həyəcanlı günlərini yaşayırdı. Ədəbiyyat bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə yaxınlaşmanın şövq və sevinci içində yaşayır, böyük ümidini bütün həssaslığı ilə tərənnüm edirdi. Indi soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə dəvam gətirməyərək, Vətən mücahidlərinin bəxtinə düşmüş əcəl camını içmiş şair Əliyusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi: Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu, Sübh olmuşdu, fəqət bir oyanan görmədim. Anlamazdı kimsə onun o şübhəli dərdini, Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim. Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında, Yeni başdan qızıl güllər, yasəmənlər açacaq, Bu qaranlıq gecələrin ıssız, tutqun çağında, Almas yıldız doğacaq da, üfqə yıldız saçacaq. Dedilər ki, Azərbaycan türklərinin elində Əski atəş yeni başdan alovlanmış, coşmuşdur. Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə, Yenə onu təqdis ilə ziyarətgah edəcək. Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə, Yenə onu təqdis ilə ziyarətgah edəcək. Ey türk oğlu, səni Tanrı Şərqə hadi göndərdi, Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır, Ürəyində sönməyəcək bir həqiqi od yandır!.. Azərbaycanın yeni yazmağa başlayan digər şairləri də belə nikbin görüşlər və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər nəşr edirlər. Bunlardan Hüseyn Cavidin “Şeyx Sənan”ını, Məhəmməd Hadinin “Eşq ilahəsi”ni, Əhməd Cavadın “Qoşması”nı, Cəfər Cabbarlının “Qız qalası”nı və sairləri qeyd edə bilərik. Milli Qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 may İstiqlal günü münasibəti ilə hürriyyət pərisinə müraciət etdiyi “Nədən yarandım?” parçası son dərəcə lirikdir. Onun bu lirizmindən biz də aşina olaq: Sən qüdrətin aşıb coşan vaxtında Mələklərin gülüşündən yarandın! Sehr dilli bir fırçanın əliylə, Ahuların duruşundan yarandın! Ay işığı gözəlliyin, qızlığın, Çiçəklərlə öpüşündən yarandın! Sərinlətdin baxışınla könlümü, Buludların uçuşundan yarandın! Qaranlıqda qırılırkən ümidim, Dan ulduzu yürüşündən yarandın! Masəvadan uçmuş birər kölgənin, Dan yeriylə görüşündən yarandın! Gözəllikçin təbiətlə qüdrətin Yavaşca bir soğukundan yarandın! Qələm əldə ilhamımı dinlərkən, Sən qəlbimin duruşundan yarandın! Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşqun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü. Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist höküməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı. Lakin Sovet işğal höküməti milli Azərbaycan ruhunu çürütmək və burada “proletkult” deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu iş üçün o, özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökümətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər. “Molla Nəsrəddin”in əski müdiri Cəlil Məmmədquluzadə “Kamança” adlı bir pyes yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə, ölümdən qurtarır. Nədənsə pyesi o zaman səhnəyə qoymurdular. Həmin yazıçının “Anamın kitabı” adlı başqa bir əsəri də çox böyük rəğbət doğurur. Üç oğul müxtəlif məmləkətlərdə oxumuşlar: İran məktəbinin şagirdi molla olub dönmüş, özü ilə əski sxolastik zehniyyətini gətirmişdir. Türkiyə tərbiyəsi alan o birisi Azərbaycan şivəsini İstanbul ağzı ilə dəyişdirməyi bir mərifət sayır. Rusiyada təhsil görmüş üçüncü oğul isə tamam başqa şeylərdən zövq alır. Ailədə ixtilaf başlayır. Bu qarışıqlıqdan bezmiş ixtiyar ana oğullarına öyüd verərək kitabından uzaqlaşmamağı tövsiyə edir. Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamin kitabı”na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi. Süleyman bəy Axundzadənin “Laçın yuvası” adlı pyesi də eyni cür qarşılanmışdır. Əhvalat Qarabağda cərəyan edir. Azərbaycanlı gənc bir kommunist Qarabağın keçilməz meşələrindən birində yerləşən bəy qəsrini tutur. İnqilabçının nişanlısı olan qız ondan üz çevirir. Lakin ingilabçı uzun bir monoloqla qızı inandırmağa çalışır, inqilabın lazım olduğunu ona sübut etmək istəyir. “Yalnız bu yolla müsəlman məmləkətlər dünya imperializminin əlindən qurtulacaqlar” deyir. Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu senzuraya görə Azərbaycan öz qüvvələri ilə və ictimai-iqtisadi motivlərlə sovetləşmişdir. Halbuki “Laçın yuvası”nı tutan azərbaycanlı kommunist oranı sadəcə olaraq imperializmin Şərqdəki səngərini daha yaxşı yıxa bilmək üçün tutur. Inqilab məqsəd ikən burada vasitə kimi göstərilmişdir. “Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan mənsur “Topal Teymur” ilə mənzum “Peyğəmbər” sovet rəhbərlərini çox məşğul edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanılmasına icazə verilən “Topal Teymur” tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə məmnun və coşğun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən” şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. “Topal Teymur” müəllifinə uzun zaman hiddətlənmiş hökümətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər. Şairin ikinci əsəri nisbətən daha yaxşı qarşılanır. Lakin “Peyğəmbər” mənzuməsində də bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az “küfr” tapmamışdı. Bolşevizm şəraitində sənətkarlarımızın hansı üsullarla öz fikirlərini söyləməyə fürsət axtardığını göstərə bilmək üçün bu son dərəcə gözəl əsərdən bəzi parçaları nümunə gətirək: “Peyğəmbər”də Həzrəti-Məhəmmədin həyatı təsvir edilir. Mənzum dram olan bu pyes Bisət, Dəvət, Hicrət, Nüsrət adlı dörd pərdədən ibarətdir. Birinci pərdədə peyğəmbər, Hərra dağına çıxır. Burada ona vəhy gəlir. Cəzb olunmuş halda o, bu sözləri söyləyir: Öylə bir əsr içindəyəm ki, cahan Zülmü vəhşətlə qovrulub yanıyor. Üz çevirmiş də Tanrıdan insan Küfrü haq, cəhli mərifət sanıyor. Dinləməz kimsə qəlbi, vicdanı Məhv edən haqlı, məhv olan haqsız... Başçıdır xalqa bir yığın cani, Həp münafiq, şərəfsiz, əxlaqsız, Gülüyor nurla daima zülmət, Gülüyor fəzlə qarşı fisqü fücur. Ah, ədalət, hüquq və hürriyyət Ayaq altında çeynənib gediyor. Peyğəmbərin bu bədbin həsbi-halındakı qaranlıq tablonu sovet tanqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu və ya tamaşaçılar burada “kommunist cənnəti” içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi? “İmansızlıqda həqiqət” və “biliksizlikdə mərifət” görənlər onlara hakim olan xamlar onların özləri deyilmi? “Zülmü vəhşətlə qovrulub yanan” ölkə onların öz yurdlarıdır!.. Ümidsizliyə qapılan, düşüncəyə dalan Peyğəmbərin yanına Cəbrayıl gəlir. Ona qızıl cildli kitab gətirir və cəsarətləndirmək üçün deyir ki: Əlverir səndə olsun əzmü səbat Bu qaranlıq mühiti get parlat! Həqqi anlat da olma heç məyus. Cəbrailin bu təlqinlərinə uyan Peyğəmbər dəvətə başlayır: Ən kiçik zərrə, ən böyük aləm Tanrı eşqilə rəqs edib duruyor. Incə bir rəmzdir, o, çox mübhəm, Hər böyük qəlb o rəmz için vuruyor. Yüksələn haqqa yaxlaşır ancaq Onu duymaz sürüklənən həşərat. Nuru heç dərk edərmi kor, heyhat! Nərdə parlarsa haqq, şərəf, vicdan, Eyilik, doğruluq, gözəllik, inan, Orda var sevgi, orda var iman. Orda var şübhəsiz, böyük yaradan! Daha sonra qızıl kitabı, yəni Quranı iqtibas edən Peyğəmbər deyir ki: Ulu Tanrı, o görünməz yaradan Əmr edər yalnız ədalət, ehsan, O, fəna işləri, fəhşiyyatı Nəhy edər, varlığının isbatı Bu təbiət, bu məlamətli fəza... Onca birdir: ulu, zəngin, füqəra. “Məhrumlar” məmləkətində, bir məmləkətdə ki, özünü heç bir şeylə göstərməyən bir gənc varlı bir ailəyə mənsub olduğuna görə cəzalandırılır, “Allahın varlı ilə kasıba fərq qoymadığı”ndan danışmaq nə böyük cəsarət, nə də məharət tələb edirdi. Lakin şairin əsl cəsarətini biz indi görəcəyik. Peyğəmbər təbliğat apararkən təhqirlərə məruz qalır. Onun dişini sındırırlar, ələ salırlar. Döyülmüş və təhqir edilmiş Peyğəmbərin naümid bir çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc uzadaraq belə söyləyir: İnqilab istəyirmisən, mənə bax! İştə kəskin qılınc, kitabı burax. Parlayıb durmadıqca əldə silah, Əzilərsən, qanın olar da mübah. Eyləməz yardım incə hikmətlər, Quru söz: busələr, məhəbbətlər, Əvət, ancaq qılıncdadır qüvvət, Bundadır haq, şərəf və hürriyyət! Peyğəmbər qılıncı əlinə alaraq deyir: Əvət ən doğru, ən gözəl ayin: Əhli-vicdana busə, xainə-kin!.. İndi sadəcə inandırmaq deyil, məcbur etmək silahına da malik olan Peyğəmbər bir əlində “Allahın kitabı”, o biri əlində isə polad bir qılınc aşağıdakı monoloqu söyləyir: Bu qılınc, bir də bu mənalı kitab! Iştə kafi sizə... Yox başqa xitab, Açar ancaq bu kitab el gözünü, Siləcəkdir bu qılınc zülm izini. Haq, vətən, zövqi-səadət, cənnət Həp qılınc kölgəsi altında, əvət!.. İşçi sinfinin qılıncı ilə qurulan dövrün fikri, şübhəsiz, bolşevik zövqünü oxşayar, lakin yurdsevərlərin “qılınc kölgəsindəki vətən” anlayışı heç də əsl kommunistlərin xoşlanacaqları bir şey deyildir. Kommunist rejimi və istilası altında əzilən Azərbaycan vətənində azərbaycanlı şairin yaratdığı Peyğəmbərin dilindən söylənən Vətən şüarının ifadəsi xüsusilə aydındır. Bu sözlər vətənpərvərlik mənasında işlənir. Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı bir haq kimi Vətən də ancaq mübarizədə qazanılır. Böyük bir sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun alacağı hissə məhz budur. Yurdsevərlik bu əsərin təfərrüatında da özünü göstrərir. Bir missal: Peyğəmbərə gülən yaramaz küçə uşaqlarının dilindən bu beytlər səslənir: Deyir göydə bağçalar var, Orda çiçəklər nur saçar. İnsan mələk kimi uçar İstəməm, masaldır onlar. Mən vuruldum yalnız sana, Vətən! Ah, sevgili ana! Dün bir quş gördüm yaralı, Düşmüş yurdundan aralı Dişlərdi köksünü çalı, Söylərdi san hər məalı: Vəhşi qartal qıydı mana Vətən!... Ah, sevgili ana!.. Bu sözlərdə bolşeviklər, yəqin ki, komsomol allahsızlığı görürlər. Halbuki yurdsevər Azərbaycan, şübhəsiz, köksü dəlinən yaralı quşun şəxsində müqəddəs atəş məmləkətinin simvolu Prometeyi görür: Prometey keçmişdəki ikibaşlı çarlıq qartalının yerini tutan bolşevizmin oraq və çəkici tərəfindən parçalanıb didilir. Hüseyn Cavidin qeyd etdiyimiz bu iki əsərindən başqa sovet dövründə yazılmış digər əsərləri də vardır. Bunlardan “Uçurum”la “İblis”dən bir-iki parça vermək istərdik. “Uçurum”da İstanbulda baş verən bir əhvalat təsvir edilir. Rəssam Cəlal Parisə gedir, Anjel adlı işvəkar bir fransız gözəlinə vurulur, İstanbulda qoyduğu gənc qadını ilə uşağını unudur, bir qısqanclıq səhnəsi əsnasında qadının qucağındakı kiçik yavrusu balkondan düşüb ölür. Sonunda Anjel də onu tərk edir, kor-peşman qadınına dönür, əfv edilməsini istəyir və əfv edilmədiyindən özünü uçuruma ataraq həlak olur. Əsərin moralist və idealist qəhrəmanı Əkrəm Parisə getmək üzrə olan arkadaşı Cəlala istiqamət vermək diləyi ilə bunları söyləyir: Əvət, bu çox gözəl düşüncə, lakin Səyahətdən zövq alan bir türk için Krım yaylaları, İdil boyları, Qafqaz dağları, şanlı türk soyları Birər sərgidir, seyrinə doyulmaz Gənc bir rəssam üçün dəyərsiz olmaz. Cəlalın tablolarını seyr edərək məharət və bacarığına heyran qalan Əkrəm “Peyğəmbər” şairinin qələmlə təsvir etdiyi bir tablonun fırça ilə rəsmini çəkməyi arzulayır: Mən öylə bir rəssam olsaydım əgər Hicaz ölkəsinə eylərdim səfər. Uğraşıb durardım bir xeyli müddət, Bir çox düşüncədən sonra, nəhayət, Təsvir eylər idim gənclik çağında Böyük Məhəmmədi Hərra dağında. Eyni motivi biz şairin əsərləri arasında müstəsna yer tutan “İblis”də də görürük. Bu əsərində şair əsasən hürriyyət və insani fikirlərin bir romantiki olaraq meydana çıxır. İnsanların lənətlərinə qarşı özünü müdafiə edən İblisin dili ilə insanlar arasındakı təzadı təsvir edir və adəm övladının düşgünlüyünü və öz cinsinə qarşı canavar kəsildiyini göstərir. Əsərin İblis adından söylənən son monoloqunu birlikdə dinləyək: İblis! O böyük nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, Hər qülbədə, kaşanədə, viranədə İblis! Hər Kəbədə, bütxanədə, meyxanədə İblis! Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət Hər kəs mənə aciz qul ikən, bəslər ədavət, Lakin məni təhqir edən ey əbləhü miskin! Olduqca müsəllət sənə, bil, nəfsi-ləimin, Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan, Daim ayaq altında sönüb məhv olacaqsan. Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var: Qan püskürən, atəş sovuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, Altun və qadın düşkünü divanə bəbəklər. Min hiylə quran tülkü siyasilər, o hər an Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan, Onlar, əvət, onlar sizi çeynətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Mən tərk edirəm sizləri əlan, nəmə lazım! Heçdən gələrək, heçliyə olmaqdayım azim. Iblis nədir? Cümlə xəyanətlərə bais!.. - Ya hər kəsə xain olan insan nədir? İblis. Ən qatı bir inqilabçı ədasıyla yazılan bu əsərində dahi şair onu tərk etməyən ana düşüncəsinə - milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırır: Turanın qurtulması üçün yalnız qılıncın kifayət olmadığını bir qəhrəmanın dili ilə, Turanda qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!.. deyə ifadə edir. Bu mədəniyyət və ürfan olmazsa, şairin söylədiyi bir türk zabitinin fikrincə türk ordusu: İstərsə bütün Hindi də, Əfqanı da sarsın, İstərsə bütün qarşı çıxan maneyi yıxsın, Turanı basıb bağrına Altaylara çıxsın, Mümkün deyil, əsla olamaz naili-amal, Etdikcə xəyanət əli bu milləti pamal. Ədəbi fəaliyyətinin sonlarına doğru Cavid yeni bir əsərinin nəşrinə müvəffəq oldu. Bu mənzum faciənin adı – “Səyavuş”dan görüldüyü kimi, məzmunu “Şahnamə”dən alınmışdır. Böyük İran şairinin bu məzlum qəhrəmanı, onun yaşadığı faciələr, müvəffəqiyyətsizliklər, təbiidir ki, Azərbaycanın romantik şairi tərəfindən istər zamanın tələbi və istərsə, səhnə texnikası baxımından çox gözəl işlənmişdir. Liberal bir aristokrat tipi olan Səyavuşun xarakterik cəhətləri məzlumlara və yoxsullara acımaq, şəhvətə, zülm və zorakılığa qarşı nifrət bəsləmək hisslərini göstərən cizgilərlə çox gözəl qabardılmışdır. Cavidin digər əsərləri kimi, “Səyavuş”da türk şerinin gözəlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı vardır. Rəqs edən gözəl qadının son dərəcə lətif nəğməsi: Qayğısız baharın ilıq busəsi Tellərimə qondu zülmət uçarkən. Sərxoş bülbüllərin o bayğın səsi Oxşadı ruhumu güllər açarkən. Yasəmən, nilüfər, sünbül, bənəfşə Mey sundular mana almas jalədən. Günəş üryan vücudumu əmdikcə Bir tülə büründüm sanki lalədən. Lakin bu pyesdə biz lirik nəğmələrin yanında gözəl düzülmüş səhnələrin hər gəlişini müşayiət edən bir çox dərin mənalı fəlsəfi fikirlər də tapırıq. Oxucu burada hüriyyət üçün çarpışmağa çağıran coşqun xitablara rast gəlir. Kəndli üsyanlarının qorxubilməz gənc başbuğu Altay arkadaşlarına aşağıdakı beytlərlə müraciət edir: Zülmə qarşı dikbaş və məğrur olun! Hürriyyət uğrunda çox cəsur olun! Səadət pərisi gülməz qullara, Munis olar ancaq dəmir qollara. Bu bir dəvət ki, sosial və milli əsirliyin təmsilçisi olan Sovet hökümətinə qarşı dəfələrlə üsyan edən və əsərin yazıldığı zaman həqiqətən üsyan vəziyyətində olan indiki kəndli başçıları da iki əllə imza atarlar. Bolşevik istilasının ilk dövrlərində Hüseyn Cavidə, nisbətən daha yaxşı yazmaq və yazdıqlarını oxutmaq və dinlətmək müyəssər olur. Halbuki milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir “müsavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda, mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum üçün bir vasitə olur. Cavad rəmziliyinin başlıca mövzusu Azərbaycan təbiətinin mənzərələridir. Əyil Kürüm, əyil keç! Dövran sənin deyil, keç! Başqa bir şerində Göy gölü təsvir edir. Gəncə civarında bir yayla gölünə həsr edilmiş bu lirik şeri dinləyək: Dumanlı dağların yaşıl qoynunda, Tapmış gözəllikdə kamalı Göy Göl. Yaşıl gərdanbəndi gözəl boynunda Əks etmiş dağların camalı Göy Göl. Yayılmış şöhrətin şərqə, şimala Şairlər heyrandır səndəki hala. Dumanlı dağlara gələn suala Bir cavab almamış, soralı Göy Göl. Tapılmaz dünyada bənzərin bəlkə, Zəvvarın olmuşdur böyük bir ölkə, Olaydı könlündə yaşıl bir kölgə, Düşəydi sinənə, yaralı Göy Göl. Sənin gözəlliyin gəlməz ki saya Qoynunda yer vardır ulduza, aya, Oldun sən onlara mehriban daya, Fələk büsatını quralı, Göy Göl. Kəsin eyşü nuşu, gələnlər, susun, Dumandan yorğanı, döşəyi yosun, Bir yorğun pəri var, bir az uyusun, Uyusun dağların maralı Göy Göl. Dolanır başına göydə buludlar, Bəzənmiş eşqinlə çiçəklər, otlar, Öpər yanağından qurbanlar otlar, Ayrılıq könlünü qıralı Göy Göl. Bir sözün varmıdır əsən yellərə? Sifariş etməyə uzaq ellərə... Yayılsın şöhrətin bütün dillərə, Olursa olsun qoy haralı, Göy Göl.. Çekist ruhlu sovet tənqidçiləri “Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə” beytində əks-inqilabçı bir rəmz görürlər. Cavad onların mühakiməsincə “inqilab tərəfindən uzaq ellərə atılmış müsavatçı millətçilərə” işarə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzuməsini şerlə türkcəyə tərcümə etdirmişdilərsə də, sonralar onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər. Hüseyn Cavid kimi o da ziyalılara qarşı tətbiq olunan ümumi təmizləmə, qətliam illərində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir. Sibirin ucqar bir güşəsində, məhrumiyyət və səfalətlər içində əziz yurdunun yolunda qalan gözlərini əbədi olaraq qapayan böyük şairin bu vəhşət dünyasından qəti-əlaqə etdiyini faciənin şahidi olan bir azərbaycanlıdan acılarla xəbər aldıq. Bolşevik dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmalarına səbəb oldu. Onlar Cəfəri özlərinə “cığırdaş” sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra olsa da, həm nəşr etməyə, həm də oynanmağa buraxırlar. Onun qələmindən məharətlə yazılmış bir çox əsərlər çıxmışdır. Sovet tənqidçilərinə görə o, mövcud yazıçılar arasında kollektivist düşünüşü ən çox mənimsəyən bir yazıçı kimi qiymətləndirilsə də, pyeslərinə verdiyi adların hamısı “Vəfalı Səriyyə”, “Aydın”, “Oktay”, “Od gəlini”, “Yaşar” və sairə fərdi xarakterlərdir. Milli mühacirət nəşrlərində ədəbi cərəyanları yaxından izləyən yazıçılarımızdan Mirzə Balanın dediyinə görə, individualizm və onunla bərabər liberalizm Cabbarlının bütün əsərlərində mövcuddur. Bu fikrə sovet tənqidçilərindən ciddi olanlara da rast gəlirik. Son zamanlarda Bakıda nəşr olunan iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” də Cabbarlını təhlil edərkən qəhrəmanlarının “faciəviliyi və hətta anarxizmi” üzərində dayanmışdır. Həqiqətən də “Aydın” teatr səhnəsini titrədən alqışlar içində fikrin, səyin, sənətin və insanın həqiqi şəxsiyyətini şərtləndirən bütün dəyərlərin hürriyyətini tələb edir. O, heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini istəmir. İstiqlal – bu ən böyük bir feyzdir. “Rədd olsun osmanliların Hicazdakı, ingilislərin Hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...” “Oktay” həyatın hər sahəsində və xüsusilə mədəniyyətlə sənətdə yaşayışın milliləşməsi üçün vuruşur. Aktyorların səhnəarxası yaşayışlarına aid bir əsər oynanır. Səhnə içində bir səhnə göstərilir. Burada türk qadını rolunu oynayan, lakin türk olmayan bir aktrisa naz edir və səhnəyə çıxmaq istəmir. Bu anda pyesin qəhrəmanı Oktay səhnəyə çıxır və hiddətli bir əda ilə tamaşıçılara bağırır: “Bir aktrisa da verə bilməyəcəksənsə, öl!..” Müraciət müdhiş bir təsir bağışlayır. Tamaşaçılar arasından gənc bir türk qızı çıxaraq səhnəyə gəlir və nazlanan aktrisanın yerini məharətlə tutur. Qeyri-adi bir təsir. Tamaşaçıların həyəcanı sözlə ifadə edilməsi mümkün olmayacaq bir dərəcədə!.. “Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər. Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş örtüyündən düzəltdiyi bir bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, əsir edirlər və edamına qərar verirlər. Əlləri arxasında bağlı halda dar ağacının altında onu şəhadət kəlməsini oxumağa məcbur edirlər. O isə “bütün dünya desə də, mən demərəm “La ilahə illallah” – deyə hayqırır. Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir. Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda, rejissordur. Məşhur musiqi professoru Qliyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şerləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir. Tənqidçilərdən biri onun xüsusiyyətlərindən bəhs edərkən, o cümlədən belə deyir: “Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər, dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu”. Aydın, Oktay, Elxan kimi qəhrəmanların da ətrafındakı insanlarda həyəcanlar oyadacaq xüsusiyyətləri vardır. Onlar alovlu sözləri ilə, açıq fikirləri ilə və cəsarətli hərəkətləriylə insanları sarsıdaraq arxaları ilə aparırlar. Fəlakət və səfalətlərə baxmayaraq, mübarizəyə gedən bu insanlar anlaşılmaz bir qüvvətlə bu rəhbərlərindən ayrılmırlar. Hətta qəhrəmanlar bunları işin təhlükəliliyi ilə tanış edib, təhlükədən uzaqlaşdırmaq istədikləri zaman belə onlar özlərini gözləyən cəfalara məmnuniyyətlə hazır olduqlarını bildirirlər. Cabbarlıda kişi qəhrəmanlar kimi, qadın qəhrəmanları da yetkin tiplərdir. Onun əsərlərində Azərbaycan cəmiyyətindəki bütün məsələlər kimi, qadın məsələsi də real bir şəkildə qoyulmuş və həll edilmişdir. Qız qalasındakı Durna mətanətli və namuslu Azərbaycan qızının şüurlaşdırılmış tipidir. Cabbarlının əsərlərindəki qadın surətləri passiv etirazdan başlayaraq, aktiv protestə və sosial mübarizəyə qədər yüksəlir. Cabbarlı dramlarının bir xüsusiyyəti də müsbət qəhrəmanlarının qüdrətini göstərmək üçün qarşılarına çıxan mənfi tipləri yetkin bir şəkildə və qüvvətli olaraq təsvir etməsidir ki, bununla şeytanlara qələbə çala bilən qəhrəmanların ilahi qüvvələri haqqı ilə təqdir və təsəvvür oluna bilsin. Ümumi iclas çərçivəsi içində, təəssüf ki, Cabbarlının əsər və tiplərinin təfsilini və təhlilini verə bilməyəcəyik. O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqdə o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökümət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır. Bolşevik istilasından əvvəlki məşhur adlarla bərabər, Sovet Azərbaycanında yaradıcılıq istiqlalı göstərən yeni bəzi yazarlar da görürük. Belələrinə biz həyatı təsvir edən hekayə, novella və roman yazanlar arasında rast gəlirik. Bunlar əksər hallarda rəsmi sovet tənqidçiləri tərəfindən şiddətli tənqid edilir. Misal üçün Sabit Rəhman adlı birisi tərəfindən yazılan “Vəfasız” romanı üzərində dayanaq. “Vəfasız”ın xülasəsi budur: Yoxsul bir müəzzin ailəsinin qonşuluğuna sovet məmuru köçür. Məmurun səkkiz yaşlı pioner, yəni kiçik kommunist bir oğlu var. Yaramaz pioner qonşularına rahatlıq vermir. Müəzzinin bağçasında o, qırmadığı fidan, qoparmadığı budaq qoymur, hər şeyi alt-üst edir. Müəzzinin ailəsi yeni qonşunun əlindən zara gəlir. Müəzzinin arvadı xəstələnir. Yeganə oğul işsizdir. Özü artıq qocadır, həyatının son günlərini yaşayır. Az-çox dəyəri olan bütün əşyasını satmışdır: müəzzinin ailəsi artıq sözün tam mənasında acdır. Nəhayət məscid də bağlanır. Həyat çıxılmaz bir vəziyyətdədir. Günlərin bir günü həyətdən atılan bir daşla müəzzinin pəncərəsinin şüşəsi qırılır: bu daş xəstə yatağındakı qadının qəlbinə dəyir, qadın bir daha ayılmamaqla bayılır. Bundan son dərəcə mütəəssir olan ixtiyar, oğluna müraciət edərək deyir ki: “Oğlum Saleh, anan aclıqdan və pionerin atdığı daşdan öldü. Bir azdan mən də öləcəyəm. Nə qədər kədərli olsa da, ehtimal ki, sən də öləcəksən. Lakin, oğlum, iki gözüm, öz işimiz uğrunda şərəf və namusla ölək”. Bir az sonra ixtiyar müəzzin ağlını itirir. Yetim qalan Saleh iş axtarmağa başlayır. Müəzzin oğlu olduğu üçün onu hər yerdən qovurlar. Nəhayət, o, qonşudakı kommunist Sultanla tanış olur. Sultan bütün hallarda ona müti olmaq şərti ilə müdiri olduğu idarədə bir iş verir. Burada Saleh məmurlardan İncə adlı gənc bir qızla tanış olur. Sultanın eşqini rədd etmış İncənin qüdrətli müdir tərəfindən təqib edildiyini öyrənən Saleh bunu qıza xəbər verir. Bu “xəyanət”dən xəbər tutan Sultan Salehi öz himayəsindən məhrum edir, o, xidmətdən çıxarılır və müəzzin oğlu olduğu üçün komsomoldan (yəni gənc kommunist təşkilatı) çıxarılır. Saleh yenə küçələrdədir. Göy altında ona yer olmadığını düşündüyü ümidsiz bir çağında Saleh öz-özünə söyləyir: “Yeni rejim anamı öldürdü, atamı dəli etdi, məni isə hər hüquqdan məhrum etdi, qovdu. Nə etməli... hüquqlardan məhrum edilmiş bütün səfil məhrumların intiqamını almalı...” qərarı verir və kommunist Sultanın yanına gedir. Görürsünüz ki, bu hekayədə sovet həyatı olduqca real bir şəkildə göstərilir. Təqib olunan insanın faciəsi təsvir olunur və təzyiqlərə qarşı mübarizə aparan qəhrəman tipi verilir. Göstərdiyi bu cəsarətli realizmi üçün sovet tənqidinin yazıçıya müdhiş hücumlar edəcəyini bilmək çətin deyildir. Bu tənqid ona “tərsinə realist” adını verir, “sinfi düşmən, xırda burjua zehniyyətinin əsiri” elan edir. Bakıda çap edilən “Bakinski raboçi” qəzetinin ədəbiyyat tənqidçisinə görə (№ 125, 1934-cü il) yazıçı “ənənələrin toruna düşmüş, ingilabçılığa məxsus əhatədən məhrum bir zavallıdır”. Bu tənqidçi “sovet rejiminin ədalətsizliyindən, anasının öldürüldüyündən, atasının dəli olduğundan və özünün də dilənci halına düşdüyündən” bəhs edilən Salehə qarşı hiddət və kinlə doludur. Sabit Rəhmanın öncə sovet təqdirini alıb, hökümət mətbuatında çap edilən bu romanı kimi H.Axundlunun “Kələfin ucu” adlı romanı da öncə eyni şəkildə təqdir olunub, dövlət tərəfindən nəşr edilir, mükafatlandırılır, sonradan “əks-inqilabçı və müsavatçı” ruhuyla zəhərlənmiş ideyalarla bulaşıq bir əsər kimi aradan götürülür. “Kələfin ucu”nda təsvir olunan qəhrəman bir kənd uşağı ikən Bakıya gəlmiş və burada inqilabçı proletar mühitində “əsil kommunist” olmaq əvəzinə “millətçilik” ruhuyla aşılanır. Bunu öncə hiss etməmiş sovet çekistləri sonra ayılırlar, əsəri də, müəllifi də aradan götürürlər. 1937-ci il radələrində bütün sovetlərdə olduğu kimi, Azərbaycanda da şıddətli təmizləmələr oldu. Qətliam dövrü deyilən bu illərdə Azərbaycandakı mədəni qüvvələr əsaslı surətdə təmizləndi. Azərbaycanın sovetləşdirilməsində mühüm rolu olan yerli kommunistlərin belə boğazlandığı bu qanlı illərdə Hüseyn Cavid, Əhməd Cavad kimi milli şairlərin də məhv ediləcəyinə şübhə yox idi. Onları və onlara bənzəyənləri meydandan götürdülər. Sadəcə cismən öldürməklə kifayətlənməyib, təmsil etdikləri ədəbi cərəyana da yeni bir istiqamət vermək istədilər. Türklük və türkçülük ideologiyası qoxuyan duyğu və düşüncələr kimi “türk” termini də qadağan edildi. Ideologiyadakı kommunizm kimi, terminologiyada da sovetizm hakim olur. Bu terminlərin İslam və Avropa sistemindən rus sisteminə keçilməsi və Azərbaycan dilində olmayan sözlərin yerinə ərəbcədən, farscadan və hətta qeyri bir türk dilindən deyil, ancaq rusca kəlmələrin qoyulması deməkdi. Böyük bir “sovet milləti” yaradılırdı. Çoxdilli sovet elləri bu millətin yüksək mənafeyinə xidmət edəcək, kiçik millətlər böyük rus milləti ilə birləşərək yolunda yüksələcəkdi. Hakim ruh bu idi. 1939-cu ildə türk xalqlarına tətbiq olunan bu mədəniyyət siyasətinin qəlibi tapıldı. Ərəb hərfləri sistemindən vaxtilə latın hərfləri sisteminə keçirilmiş türk yazıları kirillisa deyilən rus hərfləri sisteminə keçdi. O gündən etibarən ideologiyada da sözdə sovet idealı deyilən “böyük rus milləti ilə birləşmək” əsnasında yürüdülür. Bu dövrdən başlayaraq, azəri və ya Azərbaycan türkcəsi yox, Azərbaycan dili, milləti və ədəbiyyatı vardır. Millət və dinin birləşməsindən yaranan mədəni mühit yox, yalnız kommunist ideologiyası və sovet vətənpərvərliyi vardır. Məhəlli və milli dəyərlər yalnız bu “müştərək və böyük vətən”in mənfəətinə uyğun gəldikdə sayılır və sevilir, əks təqdirdə əzilir və öldürülürlər. Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu İslam və türk ideallarından üz çevirəcək, mədəni dünyaya xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, “böyük” Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər. Buna baxmayaraq, Azərbaycanın potensial mədəni qüvvələrinin fəaliyyətdən qalmadığına şahid oluruq. Sovet vətənpərvərliyinin kadrları içində belə Azərbaycanın özünəməxsus potensialı öz təsirini göstərməkdə və varlığını isbat üçün çalışmaqdadır. Son illərdə bir çox tərcümə ədəbiyyatı nümunələri yaranmışdır. Şərq və Qərb klassiklərindən bir çoxu Azərbaycan dilinə çevrilmişdir. Bunlar arasında Nizaminin bütün əsərləri, rus şairi Puşkinin “Yevgeni Onegin”, gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” mənzuməsi mənzum olaraq türkcəyə tərcümə edilmişdir. Tərcümə əsərlərindən başqa orijinal əsərlər də yazılmışdır: bunlar arasında yuxarıda haqqında danışdığımız Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə, Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi beytləri birgə gözdən keçirək: Şair Vaqif, məlum olduğu kimi, Ağa Məhəmməd şah Qacar ilə müharibə edən Qarabağ xanının vəziri idi. Pyesə görə, Qarabağ xanı məğlub olmuş, Məhəmməd şahın keyf məclisi qurulmuşdur. Vaqif tutularaq onun hüzuruna gətirilir. Şair içəri girərkən Qacara baş əymir. QACAR – Aha, baş əymir hüzurumda bu!... ŞEYX – Yoxdur vicdanında qanun qorxusu. QACAR – (Vaqifə) – Şair, hökmdarın hüzurundasan. VAQİF – Bunu sizsiz belə düşünürəm mən. QACAR – Bəs baş əymədiniz? VAQİF – Əymədim, bəli! Əyilməz vicdanin böyük heykəli... QACAR – Qılınclar toqquşub iş görən zaman Neylər dediyiniz quru bir vicdan? VAQİF – Vicdan dedikləri bir həqiqətdir – Beşiyi, yuvası əbədiyyətdir... QACAR – Bəs zindan necədir, qaranlıq zindan? VAQİF – Soyuq məzara da zinətdir insan... QACAR – Aha, sınayırdım idrakınızı, Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eləmiş sizi yaradan! VAQİF – Dünyada qalacaq yalnız yaradan!.. QACAR – Çox gözəl, çox gözəl, inanın ki mən Sizin ruhunuzu sevdim ürəkdən. Göylərə baş çəkən bu şanlı saray, Göylərin büsatı o ulduz, o ay, - Sizə tapşırılsın bu gündən gərək Ancaq bir şərtim var... VAQİF – Buyurun görək! QACAR – Gərək fars dilində yazsın sənətkar. VAQİF – Farsın Xəyyamı var, Firdovsisi var, Nə çoxdur onlarda böyük sənətkar. Azəri yurdunun oğluyam mən də, Az-az uydururam yeri gələndə. QACAR – Yaxşı, gəl əl götür bu inadından, Bu qədər naşükür olmasın insan! VAQİF – Aldada bilməmiş dünyanın varı Bir məslək eşqilə yaşayanları! Mən ellər bağında azad bir quşam, Mənsəbə, şöhrətə satılmamışam!.. VƏZIR – Yaxşı da... Çarıqlı kiçik bir ölkə Böyük Firdovsilər yaratdı bəlkə?.. VAQİF – Dayan... bu bağçanın hər bir bucağı Neçə çiçək, neçə güllər bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş*. Son illərin məhsulu olan bir mənzumə üzərində də dayanmaq istərdik. 700 misradan ibarət bu mənzumə heca vəznində yazılmış bir poemadır. Klassik dastanlar üslubunda, Dədə Qorqud dastanlarının rəng və ahəngi ilə yazılan və Azərbaycan şivəsi və ədəbi zövqünün xüsusiyyət və ünsürlərini daşıyaraq ənənəvi həyat tablolarını canlandıran bu dastan: “Şah İsmayıl dövründən Təbrizin Qəmərindən Sizə bir nağılım var, Qulaq asın, a dostlar!” – sözləri ilə başlayır. Cəfər Xəndan imzasını daşıyan müəllifin bu əsərinin qısaca məzmunu belədir: Şah İsmayılın toyudur. Bu münasibətlə Təbrizə dünyanın hər tərəfindən gəlmişlər. Hindistan şahzadəsi də bunların arasındadır. Bütün şəhər şahanə toy münasibəti ilə əylənir. Meydanda gənc qızlar cıdıra çıxırlar. Cıdırın diqqəti çəkən ən parlaq ulduzu gənc və gözəl bir qızdır: Onun adı Qəmərmiş, Günəşdən nur əmərmiş. Aya baxma deyərmiş Günə baxma deyərmiş... Hindistan şahzadəsi bu “ləkəsiz Azərbaycan ayı”na vurulur. “Ləkəsiz ay” təbiri şairindir: Qəməriylə öyünür, Göydəki kəhkəşanlar. Təbriz deyir: mənim də Yerdə bir Qəmərim var. Əgər ləkəlidirsə Göydə ayın yanağı: Ləkəsiz ay doğurmuş Azərbaycan torpağı! Qəmərlə şahzadə nişanlanırlar və birlikdə Hindistana gedirlər. Təbrizin Qəmərlə vidalaşması səhnəsi çox canlıdır. Qəmər ayrılan zaman Ona Təbriz uzaqdan: Getmə, getmə deyirdi, Dəvə zınqırovları Həzin-həzin çalırdı Göy məsciddən göylərə Zil azan ucalırdı. Qəlbində Azərbaycan Qəmər getdi uzağa Kim bilir, dönəcəkmi Bir də doğma torpağa?!. Hindistanda Qəmərin həyatı naz və nemət içində keçir. Şahanə həyat yaşayır, lakin ruhu iztirabdadır. Vətən ayrılığı ona rahatlıq vermir: Başqa bir aləm varmış Vətən adlı sevgidə Unutdurur hər şeyi Qürbət eldə bu sevgi, Canlanır hər çiçəkdə Hər bir güldə bu sevgi. Vətən eşqi əzizdir, O hər şeydən ucadır, Onun şanlı tarixi Tarixlərdən qocadır! Gözləri daima Vətən yolunda qalan, qəlbi həsrətlə yanan Qəmər, Hindistandakı sarayın pəncərəsindən baxarkən o tərəflərdən gələn bir karvanın keçdiyini görür, adam göndərərək sarvandan bir xəbər öyrənmək istyəyir. Gətirilən xəbər qorxuncdur. Azərbaycanı düşmən orduları tutmuşdur. Təbriz küçələri səngərə çevrilmişdir. Yurdun gəncləri aslan kimi çarpışırlar. Evlər, obalar atəş içindədir. Qəmər nə etsin. Qanadı olsaydı, oraya uçardı. Dərdini kimə açsın. Hər şeyi var, amma azadlığı yoxdur. O get-gedə daha çox kədərlənir, az qalır dəli olsun. Kədər və ümidsizlik içində: Nə vaxt qurtaracaqdır Bu əzablar, ilahi?! – Nədir səndən küsməyən Bir ürəyin günahı?! Məgər sənin vətənin, Yurdun, yuvan yoxmudur?! deyə Allaha sitəmli bir dillə müraciət edir. Vətən sözü Qəmərin dilindən düşmür. Fikri də, zikri də Vətəndir. Bir gün yuxusunda özünü Azərbaycanda görür: Təsəllidir yuxu da, Gördü Qəmər yuxuda: Azərbaycana gəlmiş. Elə bildi təzədən Doğub cahana gəlmiş. Qəmər nəğmə oxuyur, Oxuduğu söz budur. “Gülüm, Vətən yaxşıdır, Köynək kətan yaxşıdır. Qürbət cənnət olsa da Yenə Vətən yaxşıdır. Qəmər görür röyada Arzusuna çatıbdır: Sevgilisi tutubdur Onu cıdır düzündə Sevinc gülür gözündə. Qucaqlayır yarını, Ömrünün baharını O tapşırır oğlana. Onu Azərbaycana. Vətən deyib qalırlar Burda məskən salırlar. Lakin Qəmər sərsəm vəziyyətdə diksinərək oyanır, bütün bunların bir yuxu olduğunu görür və qəhrindən boğazı düyünlənir. Əl atır qələmdana “Apar Azərbaycana” Sözlərini yazır o Sonra dərin bir yuxu Alır onu qoynuna. Ölüm hökm edir ona. Yüz məşvərət etdilər Saraydakı həkimlər, Fəqət verən olmadı O mərəzdən bir xəbər Neçin Qəmər gülmədi? Saray əhli bilmədi: Bülbül çəmənsiz olmaz, İnsan vətənsiz olmaz!.. Sovet idarəsi altında hər növ məhrumiyyətlərə, maneələrə və cəllad tədbirlərinə baxmayaraq, milli hiss ilə yurdsevərlik şüurunun nə kimi həmlələrlə qarşılandığını və nə şəkildə inkişaf etdiyini olduğu kimi izah edə bilmək üçün müstəqil bir konfransa ehtiyac var. İndi isə 1933-cü ildə Bakıda nəşr edilmiş “Azərbaycan ədəbiyyatı tarixi”nə yazılmış müqəddimədən bir neçə sətri nümunə gətirməklə kifayətlənirik: “Vətən və xalqa dərin sevgi və hörmət bizim ədəbiyyatın ən nəcib xüsusiyyətlərindən biridir. Xalqını göz bəbəyi kimi sevən, ondan ayrılmağı özünə ölüm hesab edən böyük demokrat Həsən bəy Zərdabi yazmışdır: “Bir gün gimnaziyanın direktoru mənə məlum eylədi ki, sərdarın hökmünə görə gərək mən Yekaterinedar şəhərinin gimnaziyasına müəllim gedəm, ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim”. Sovet senzurasının icazəsi daxilində Azərbaycan yurdsevərliyindən ancaq bu qədər bəhs edilə bilər. Bundan artığına, hələ qırmızı rus istilasına qarşı yönəlmiş həqiqi yurdsevərliyə qətiyyən meydan verilməz. Qüvvəsini məmləkətin tarixi və milli ənənələrindən alan bu cərəyanın əlamətlərini bizə sovet əsirliyinin tam mənzərəsini yaradan gizli şerlər verirlər. Budur, faciələrə uğrayaraq faciələrlə dolu həyatından bezmiş, nə üçün doğulduğunu özü-özündən soruşan şair: Nə yazayım artıq yurduma dair, Düşmən zəhər salır, dostlar gizlənir... Bilməm ki, yurdunu sevən bir şair, Neçin də bir cani kimi gizlənir. Yolu kəsmədim mən, qaçaq olmadım, Qurulu bir həyatı pozmadım mən ki... Dostu arxadan bıçaqlamadım, Heç qətlə fərman yazmadım mən ki... Bəs neçün qəribəm bu doğma eldə Məhbəsmi dörd yanım, mən ki, boğuldum: Məlun bir zamanda, məhkum bir eldə Bu yerdə mən neçin şair doğuldum?.. Şairi boğan bu havasızlıq daha böyük təsirlə qadın şairin riqqətli qəlbini titrədir. Onun duyduğu əzabı bir “Hicran” adlı parçada görürük: Bir solğun çiçəyəm, bir sarı yarpaq Candan şikayətkar, canandan iraq, Çıxdım ki, yollardan alayım soraq, Xəbər verən yoxdur, sorma dedilər! Ayrılınca hilal qaşlı yarımdan, Mən yaslara batdım, geymədim əlvan, Düşünüb o ulduz gözləri hər an, Ağlarkən, özünü yorma dedilər! Mənim göylərimdən günəş çəkildi, Parlaq həyatıma zülmət töküldü: Vərəmli qəlbimə oxlar tikildi, Qoy axsın qanları, sarma dedilər! Günəşim bir daha doğmayacaqmı? Vəhşi qaranlığı boğmayacaqmı? Kölgələri şəfəq qovmayacaqmı? Sordum, ümidini qırma dedilər! Milli Azərbaycan öz bağrından fədakar mücahidlər yetişdirir. Qəhrəmanlıqla ölməyi şərəfsiz yaşamaqdan üstün tutan bunlar kişi kimi savaşır və itirilmiş hürriyyətlə istiqlalın geri alınması uğrunda Sovet zindanları ilə uzaq Şimalın buzlu sahillərini saysız qurbanlarla doldururlar. Bu igidlər arasında şahanə həyəcanlarla yaşayan istedadlı gənclər az deyildi. Bu məhbus şairlər haqqında vaxtı ilə Bakıdan gələn mühacirət nəşriyyatında nəşr edilmiş bir məktubda təfsilat verilmişdi. Milli düşmənə qarşı kin və mübarizə ruhu ilə qabaran bu canlı parçalar arasında diqqətəlayiq bir şerləşmə vardır. Məhbuslardan biri edamlar və işgəncələrə məruz qalan məhbusların qorxunc vəziyyətini “Yazma!” adlı şerdə belə təsvir edir: Görürəm, qanlı qaranlıqların Zülmə baş əydirən alçaqlıqların Ölümdən yapdığı qorxunc bir varlıq Əlləri qazmada dərin məzarlıq. Hayqırmaq istədim: “məzarçı qazma, Qazma, yaşayıram, ölməmişəm mən!.. Qəlbim, qanım istidir səninkindən Ümidim böyükdür, gömülməz, qazma! Kiçikdir mənimçin aldığın ölçün, Bu məzarı öz boyuna biçdin! Boş yerə yorulma... göy yerə sığmaz!” Ancaq... Susdurur səsi qaranlıqların Qan köpürən öskürəkli nəfəsi... Çınladır afaqı bir bayquş səsi Acı bir fəryadla bağırır: “Yazma!” Məhbus şairlə zindanda əzab çəkən arkadaşı özünə “Yaz!” – deyə müraciət edir: Üfüqdə duyulan bayquşun səsi Qulaqlar çınladır, ruhlar hırpalar, Qaranlığın qan donduran nəfəsi Bəzən bizi belə qorxuya salar. Əvət, söylədiyin alçaq qatillər, Hər yerə soxular, hər yeri gəzər Yıxar, yaxar, boğar, yıxdırar, əzər! Bəlkə hər şey edər, lakin o şeytan Bir cənnət var, orda bir şey edəməz. O cənnət ideal, bəkçisi iman, İman olan yerdə şeytan yaşamaz! Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şer bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda, İstiqlal, o yaşayan millətin qəlbində can, İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan, İstiqlal, o sönməyən müəbbəd bir məşalə, Könüllərdə tutuşur, gözlərdə sönsə belə, – deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi bir yer tutur. Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır. Gültəkin şerlərinin təfsilatı ilə araşdırılması bizi çox məşğul edir, vaxtımız və iclasımızın çərçivəsi buna imkan vermir. Bir neçə misalla kifayətlənirik, düşünürük ki, bu bir neçə misalla da Gültəkinin yaradıcılığı haqqında müəyyən fikir yarana bilər. Onun milli istiqlal və milli bayrağa müraciət etdiyi bir şer: Hür dedim özümə, zəncir qıraraq, Get də kəməndini cəhənnəmdə yak! Yurdumun mübbəd nigahbanıdır Asırlar altından yüksələn bayraq! Bayrağımız ölməz, ölərsə əgər, Torpağın altına köçər ölkələr. Azəri qanıyla yuyundun, yetər! Etdiyin Neronun zülmündən betər... Bir zəhər sunsa da, əməl doğrudu Türklüyün qəlbinə vurduğun neştər. Qaldıqca ruslarda diyarım mənim Intiqam alacaq şüarım mənim! Azəri oğluyam, adımda şan var, Damarlarımda zülmə hayqıran qan var: Məni öksüz sanıb kükrəmə, düşmən, Bax, arxamda haqqı sevən cahan var. O cındır bayrağın əlbət solacaq, Azərbaycan yenə mənim olacaq! Qurtuluş, ey nazlı, sevimli pəri, Könüldən vurğundur sənə azəri, Dişimlə qıraram bir gün gələr də Bağrına saplanan qanlı xəncəri. Yaşa, ey həsrətlə doğan istiqlal! Yaşa ey türk, yaşa ey gözəl hilal! Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik. Budur, Sənanın “İstiqlal şəhidlərinə” müraciət etdiyi bir parça: Məşhədində nə daş, nə məzarın var, Qara torpaglardır qanlı kəfənin... Həsrətlə can verdin ah və zarın var, Uyu ağuşunda yanıq Vətənin... Analar! Dindirin həp göz yaşını, Qoymayın onlara məzar daşını... Onlar yüksəlmişlər başqa aləmə “Ölürük, yaşasın istiqlal” – deyə. Qalxın, ey mələklər, bir ləhzə susun Süsləyin əflakı, salama durun. Istiqlal ediniz canfədaları Qanlı qələbəylə şühədaları... Siz ey gözəl yurdun qoynunda yatan Şühəda! Yolunuz sevgi izləri... Hərarətli eşgin zəhrini dadan Nəsil unutmayacaq əlbət sizləri! Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaqkən yaşadığı faciələrlə duyduğu iztirab bu içli şairi həsrət və iztirab hissləri ilə canlandırmışdır. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şerindən görürük: Suyundan son ayrılıq damlasını içərkən, Tutmuş bir od kimi bağrımı yaxdın, Araz, Birər damla qan idi gözlərimdə birikən Çox acı xatirəylə könlümə axtın, Araz! Bir zamanlar nə coşğun, nə qədər şən axardın, Köpürən sularınla dağı, daşı yarardın. Söylə: büllur suların nədən belə bulandı?.. Sən ki günəşdən parlaq, aydan bərraqdın, Araz! Çoxdandır ayrılmışıq ana-ata yurdundan, Fələk cananı almış aşiqlərin qoynundan. Söylə, yoxmu bir xəbər o dərdli anamızdan?.. Sən də mi könlümüzü sonsuz buraxdın, Araz!.. Ədəbiyyat bir millətin ruhunu əks etdirən ən gözəl aynadır, - deyirlər. Bu tərif baxımından yuxarıdakı iqtibas etdiyimiz materiallar bizə kommunizm ölkəsində, qırmızı istilanın milli hissi öldürdüyünə dair söylənən bəzi bədbin hökmlərin mübaliğəli olduğunu göstərir. Həyat meydanına partlayışlı günlərdə atılan və sovet istilasından qaçaraq indi mühacirətdə olan Almas Yıldırım Vətənə bağlılıq hissini “Qürbətdə” adlı şerində coşğun bir ifadə ilə anlatmaqdadır: Mən torpağı atəşlə yoğrulan bir diyarın, Doğdum yad çəkmələrlə tapdanan yaxasında. Ömrümü udub keçən hər qışın, hər baharın, Içində mən ağlaram yalnız onun yasında. Basdığın hər torpağın qoy cənnət olsun yeri, Mən onu bircə anda adlayıb keçəcəyəm. Getsin də buz bağlasın hər bir çeşmənin gözü Mən yenə o içdiyim ağunu içəcəyəm... Gəlsin hər çiçək mənə versin baharı müjdə, Könlümdəki dağların getməz başımdan qışı... Mən edəməm eşqimə yad bir məbəddə səcdə, Burax, getdiyi yolun tufanlar olsun eşi. Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə, Söylə dostlar gömməsin nəşəmi torpaqlara... Yaxaraq vücudumu kül edib verin yelə Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara? Yox, mən ölmək istəməm, görmədən doğma yurdu, Mən orda ağlamışam, mən orda güləcəyəm. Elə et, sevinməsin Kremlin vəhşi qurdu, Mən tufanla doğmuşam, tufanla öləcəyəm!.. Bu ruhda və bu inamda nə qədər gənc qüvvələr müxtəlif sovet zindanlarında məhv olurlar. Zülm görmüş bu azərbaycanlı qardaşlarına ithaf etdiyi gözəl bir şerinə şair Gültəkin “Buzlu cəhənnəm” başlığını vermişdir. Bu dinləyəcəyiniz şairin şah əsəridir: Sibirya, ey soyuq və qorxunc dəniz Şimalın köksündə uyuma səssiz, Qalx, bir müsafirin gəldi, diqqət et: Sənə hədiyyələr gətirdi – vəhşət!.. Əlinin buzunu eşqdə ərit, Çıx, acıyan qəlblə qucağını aç. Hədiyyən bir dəmət saralmış igid Hamsı bitkin, hamsı xəstə, hamsı ac. Sən, ey bu gün yalnız qatilin deyil, Haq deyən başın da qəbri olan yer: Bu solğun dəmətin önündə əyil, Ona ölüm vermə, həyat və ruh ver! Düşün ki, həpsini düşmən soldurmuş... Hicran qəlblərinə bir damğa vurmuş... Onları yollamış bədbəxt bir diyar, Qəlblərində kədər, gözlərində nəm, Onları incitmə, yetimdir onlar, Ey soyuqla yaxan buzlu cəhənnəm! Söylə tapındığın məbudun qışa, Qucağında çılpaq uyuyanlar var. Acısın məhv olan bu yaşayışa, Dinsin qasırğalar, həp fırtınalar... Soyuğun altında bir yumaq kimi, Gömüldüyü qara, Rüzgarların ilıq bir bucaq kimi, Açılsın onlara. Of... bu boğucu qaranlıq Hardan endi gözəl yer.?! Tıxandı hər nəfəs artıq, Sanki boğuluyor kürə... Bulanıq bir yerin kirli yaxası Yerdə sürünüyor iştə Tundra... Sibirya, Sibirya... əvət Sibirya: Təbiətin o bir zalım cakası... Nənə! Yenə Nələr düşündün ki, doldu gözlərin? Rahatsızmı yoxsa sənin də yerin? Yoxsa oğlunumu sən xatırladın? Yox... onu düşünmə, indi övladın, Buzlu üfüqlərin qucağındadır, O, ən əməlpərvər bir çağındadır: Əmdikcə soyuğu, “yenə ver” deyir: Qəlbindəki alov bax, nələr deyir: Sil göz yaşlarını, dur gözlə onu Hər donduran qışın bahardır sonu!.. Və sizə, ey ölümün qorxunc yolunda Dəmir addımlarla yürüyən gənclər! Siz ey bir taleyin gizli qolunda Yürürkən bəxti də sürüyən, gənclər! Uzadın siz mənə əlinizi, Təbrik eyləyim mən, igidlər sizi! Baş əymədiniz siz haq yeyənlərə, Dediniz yaşamaz azəri haqsız, Sizi kəsmək üçün enən xəncərə “Hürriyyət istərik” – deyə yazdınız! Səlamət yoludur getdiyiniz yol, Günəşlər doğacaq izlərinizdə. Yalnız deyilsiniz, yoldaşınız bol, Bir imanlı millət var yerinizdə. Düşmən saldırsa da dörd yandan sizə Qorxmayın “qurtuluş çox mahal” deyə, Biz də gəlirik o yoldan sizə Istiqlal, istiqlal, istiqlal, - deyə! Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokratiya, o biri yandan isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Bu mübarizədə həqiqi ədib və şairlərin vicdanına tərcüman olan böyük şərhçilərə görə vətən, hürriyyət və istiqlal ideallarına bağlı qaldığını güclü surətdə elan edən milli Azərbaycan türklüyünün yeri çoxdan təyin olunmuşdur. Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddaratı ilə bağlamış Azərbaycan, hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! Duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı A z ə r b a y c a n !.. * * * Çağdaş Azərbaycan tarixi Xanımlar, bəylər! “Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim. Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 mayı qədər çağdaş Azərbaycan tarixinin ünlü bir günü yoxdur. Çağdaş Azərbaycan tarixinin ibtidasını on doqquzuncu əsrin başlanğıcından saya bilərik. Bu tarixdən bəri Azərbaycan cəmiyyəti düşdüyü çətin şəraitə baxmayaraq, orta çağların əsaslarını zehniyyətlərindən sıyıraraq çağdaş mədəniyyətə doğru getmişdir. Həmin tarixdə, bir neçə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu tarix çağdaş tariximizin keçmişini və gələcəyini müşahidəyə yarayan yüksək bir baxım nöqtəsidir. Bundan 32 il öncə açıqlanaraq Milli Azərbaycanın istiqlalını ehtiva edən qanunnamə, sadəcə, əsrlik, əsarət altından duran və öz müqəddəratını təyin etmək haqqından məhrum olan bir millətin azad bir dövlət qurduğunu elan etməyə qalxındı. Eyni zamanda, bu günkü beynəlxalq şəraitdə xüsusilə aktuallaşan azadlıq və demokratiya ümdələrinin də Azərbaycan xalqı tərəfindən mənimsənilmiş olduqlarını meydana qoydu. Otuz iki ildən bəri Azərbaycan türklüyü bu yüksək ideyalar uqrunda min bir bəlaya köks qərmiş və bu uğurda ən dəyərli övladlarını qurban vermişdir. Verəcəyimiz tarixi xülasə məhz bu qurbanların izi ilə gedən nəsillərin müxtəlif forma və şərtlər daxilində baş verən mücadilələrin bir hekayəsidir. Lakin bu hekayəyə başlamadan əvvəl Azərbaycan istiqlal qurbanlarını və onların ardınca gedən fədakar qardaş şəhidlərini minnət və şükranla anmaq vazifəmizdir. Əziz xatirələrini anmaq üçün sizi ehtiram sükutuna dəvət edirəm. 28 may tarixindən sonrakı hadisələri xülasə etməkdən əvvəl bu tarixdən əvvəlki dövrü qısaca gözdən keçirək. XIX əsrin əvvəllərində İslam Şərqi dünyasının düçar olduğu ümumi tənəzzül şəraiti içində bütün Qafqaziya ilə birlikdə Azərbaycan da rus istilasına uğradı. Tarixən ənənəvi olaraq Türk və İslam dünyası ilə mücadilədən ibarət olan rus səltənətinə ancaq Allah gücü ilə boyun əymək məcburiyyəti qarşısında qalan Azərbaycan mənən heç bir zaman rus dövlətinə ram olmadı və fürsət düşdükcə milli varlığını izhar etdi. Yüz illik əsarət həyatından sonra Birinci dünya müharibəsi nəticəsində çökən rus imperatorluğunun xarabalıqları altından Azərbaycan milli bir bütöv halında qiyam etdi və yuxarıda qeyd etdiyimiz kimi istiqlalına qovuşdu. Çarlığın Azərbaycan türklüyünə endirdiyi böyük zərbələrdən biri onu əsgəri xidmətə cəlb etməməsi idi. Bu surətlə fitrətən cəngavər olan bura türklərini əsgəri xidmətdən yadırğatmaq və beləliklə, onları Rusiya imperializmindən asılı vəziyyətə salmaq istəyirdilər. Sonralar, 1918-ci il hadisələri zamanı bunun çox böyük zərəri göründü. Azərbaycan xalqı istiqlalını müdafiə üçün hərbi qüvvələrini dərhal yaratmaqda böyük çətinliklər çəkdi. Yəni başda ermənilərlə gürcülər olmaqla, özlərini təmsil edən milli təşkilatların verdikləri əmrnaməyə görə rus ordusunda xidmətdə olan əsgərlərini bir anda erməni və gürcü qoşun hissələri halında təşkil edə bildikləri halda, azərbaycanlılar edə bilmirdilər. Çünki rus ordusunda azərbaycanlılar yox idi. Bu səbəbdəndir ki, respublika qurulan zaman silahlı rus qüvvələrinə dayanan bolşeviklər Azərbaycanın paytaxtı Bakını zəbt etdilər, türk-müsəlman əhalisini qırğına verdilər və Gəncədəki milli Azərbaycan qüvvələrini də hədələməyə başladılar. Bu təhlükə qarşısında 1918-ci il 4 iyunda Batumda o zamankı Osmanlı höküməti nümayəndələri ilə bir müqavilə imzalandı və bu müqaviləyə görə türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi və 1918-ci ilin 15 sentyabrında birləşmiş qüvvələr Bakını qəsbkar əllərdən xilas etdilər. 1918-ci ilin 30 oktyabrında imzalanan Mondros sülh müqaviləsinə görə türk ordusu Azərbaycanı tərk etdi, onun yerini ingilis işğal ordusu tutdu, daha sonra ingilislər çəkildikdən sonra Azərbaycan Respublikası öz işlərini özü idarə etməyə başladı. Azərbaycan Respublikası çox ağır şərait və məhrumiyyətlər içində qısa bir zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, məmləkətdə asayiş və intizamı yoluna qoydu və nəticədə, 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqlalı tanındı. Qonşu Türk və İran dövlətləri də daxil olmaqla, başda Amerika Birləşmiş Ştatları böyük-kiçik bir çox dövlətlərlə münasibətlər yaradıldı. Lakin Yaxın Şərqdəki hadisələrdən istifadə edən bolşeviklər Rusiyadakı daxili müharibədə müvəffəqiyyət qazanaraq, Qafqaziyanı yenidən fəth etməyə qalxdılar və 1920-ci ilin 27 aprelində üstün qüvvələrlə hücuma keçərək Azərbaycan Respublikasını istila etdilər və nəticədə sovetləşdirdilər. Əsas hissələrini ixtisarla qeyd etdiyimiz bu hadisələr haqqında türkcə jurnal və ensiklopediyalarda və ayrı-ayrı cildlər halında nəşr olunan kitab və broşuralarda ətraflı məlumat verilmiş olduğu halda, istiladan sonrakı hadisələr haqqında toplu olaraq oxucunu təmin edəcək və tədqiqatçıların müraciət edə biləcəkləri qaynaqlar o qədər də kifayət deyildi. Buna görə söhbətimizdə xüsusilə məsələnin bu tərəfi üzərində dayanacağıq. Milli Azərbaycan Respublikasının bolşeviklər tərəfindən istilası işğalçılar üçün çox əlverişli şəraitdə baş verdi. Birinci dünya müharibəsindən sonrakı hadisələri yaxından müşahidə edənlər bilirlər: Antanta dövlətləri müharibədən sonra Rusiyada ortaya çıxan bolşevikliyi məhv etməyə təşəbbüs etdilər. Bu məqsədlə Rusiyanın müxtəlif yerlərinə xüsusi hissələr halında quru və dəniz qüvvələri göndərdilər. Lakin bu təşəbbüslər bütün yerlərdə eyni müvəffəqiyyətlə nəticələnmədi. Baltik sahillərindəki respublikaların bolşeviklərə qarşı istiqlal mücadilələrinə yardım etmək mümkün oldu: lakin cənubda, Qara dəniz sahillərindəki məmləkətlərdə Avropa qüvvələrinin yardımı uğursuzluqla nəticələndi. İstənilən siyasi məqsədə nail olmadan mənsub olduqları məmləkətlərin daxili vəziyyətindən doğan səbəblər üzündən fransız hərbi hissələri Ukraynadan, ingilislər isə Türküstan və Qafqazyadan geri çağırılmış oldular. Bu vəziyyət bolşevikləri Qafqaziyaya hücuma cəsarətləndirdi: bununla bərabər, o zamankı ingilis baş naziri Lloyd Corc Londona gəlmiş sovet xarici ticarət komissarı Krasinə kral hökümətinin Qafqaziya işlərinə qarışmadığını bildirmişdi. Qafqaziyanın ən yaxın qonşuları olan İran və Türkiyə, xüsusilə sonuncusu, bu sıralarda milli varlıqlarını qorumaq üçün bolşeviklərlə dostluq etmək və hətta ittifaq bağlamaq məcburiyyətində idilər. Beynəlxalq vəziyyətin bu şəkildə olması daha möhkəmlənməyən Azərbaycan Respublikası üçün çox faciəli bir sonluqla nəticələndi. Azərbaycanı zorla işğal edən bolşeviklər, Qızıl Ordunun yunanlara qarşı müharibədə sıxışdırılmış Kamal Türkiyəsinin yardımına getmək istədiklərini, Müsavat hökümətinin isə buna mane olduğunu müxtəlif vasitələrlə məharətlə təbliğ edirdilər. Bu şeytan taktıkası istənilən nəticəni verdi. Bolşeviklər əməllərinə asanlıqla nail ola bilməzdilər. Azərbaycanda sadəcə bolşeviklərə xas sosial motivlərlə iş görmək mümkün deyildi. Məmləkətin sosial, tarixi və mənəvi quruluşu bu təbliğata uyğun gəlməzdi. Bakının kommunist partiyasının təşkilində müstəsna bir yeri olmasına baxmayaraq, bolşevizmin bir doktrina kimi Azərbaycanda bir o qədər də çoxlu möminləri yoxdu. Bakıdakı müsəlman işçilərin böyük əksəriyyəti Milli Azərbaycan Müsavat partiyasının ardı ilə gedirdi. 1917-ci ildə Bakı işçiləri şurası seçkilərində bu partiya səslərin 70%-ni qazanmışdı. Yalnız Bakı qarnizonundakı rus əsgərləri ilə eyni limanda yerləşən hərbi donanmaya mənsub rus dənizçilərinin qüvvələrinə arxalanan bolşeviklər seçkilərin yenidən keçirilməsini tələb etdilər və bu dəfə min bir hiylə və müdaxilə ilə istədikləri çoxluğu təmin edə bildilər. Bolşevik partiyasının Cənubi Qafqaziya komitəsinə görə Qızıl Ordu tərəfindən tutulmasından əvvəl Bakıdakı türk (yəni azərbaycanlı) kommunistlərin sayı 300-dən çox deyildi. Rus Kommunist partiyasının Bakı komitəsində 3 erməni, 2 rus və bir də gürcü vardı. Milli Azərbaycan Respublikasının müdafiə qüvvələrini qırdıqdan sonra Sovet Ordusu irəliləyərək Ermənistan ilə Gürcüstanı “sovetləşdirdi” və sadəcə, Qafqaziyanı tutaraq, 1914-cü ildəki sərhədlərini bərpa etdi. Zatən istədiyi də bu idi. Türkiyəyə yardım təbliğatı artıq söhbət mövzusu deyildi. Lakin əsl bolşevik hakimiyyəti indi başlanırdı. Bütün milli müəssisələr bağlanılır, milli ordu dağıdılır, ziyalılar öldürülür, “Çeka” vəhşiliklər törədir, “soyğunçuluq həftəsi” təşkil edilir, sinfi mübarizə alovlandırılır, ictimai nifrət qızışdırılır, qardaş qardaşa qarşı təhrik edilir, bir sözlə, məmləkət sovetləşdirilirdi. Bütün bunlarla bərabər, milli müqavimət davam edirdi və Azərbaycanın hər tərəfində qanlı hadisələr olurdu. Müxtəlif yerlərdə davam edən üsyanlar arasında 1920-ci ildə baş vermiş Gəncə üsyanı xüsusilə diqqətəlayiqdir. Buradakı üsyanı yatırmaq üçün Qızıl Ordu 8000 nəfərlik hərbi hissə göndərmişdi. Silahlı üsyanlar məmləkətdə daimi hal almışdı. 1925-ci ildə verdiyi bir raportunda Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir. Kəndlərin kollektivləşdirilməsi illərində (1930-1932) Azərbaycandakı üsyanlar xüsusilə şiddətlənir. Bəzi şəhərlər minlərlə üsyançının əlində qalırdı. Bu zamankı vəziyyətin “qorxuncluğu”na Sovet komissarı Elinvanın məşhur bir bəyanatında rəsmən şəhadət edilmişdir. Milli müqavimət kütləvi üsyanlardan başqa, müxtəlif növ təxribatçılıq xarakterini də daşıyırdı. Bu əməli müqavimət hadisələri ilə bərabər, məmləkətdə siyasi konspirasiya, yəni gizli çalışma aktları da güclü şəkildə davam etdi. Gizli bəyannamələr, hətta qəzetlər nəşr olundu. Bakıda, “Çeka”nın lap yaxınlığında gizli bir mətbəə işləyirdi: burada çap edilən “İstiqlal” qəzeti 19-cu nömrəsini buraxmağa müvəffəq olmuşdu. Bu mətbəənin sirri yalnız bir təsadüf nəticəsində açıldı: polis qəlp pul düzəldən maşın axtararkən “Müsavat” mətbəəsinin üstünə çıxdı. Bu hadisə Sovet hökümətinin görünməmiş təzyiqinə səbəb olur. Yaxalanan müsavatçılara işgəncələr verilir. Məhbuslar gördükləri zülmlərə görə aclıq elan edirlər. Müsavatçıların Solovki adı ilə məşhur olan sürgün yerindəki qəhrəmanlıq mücadiləsi keçmişdə “çekist” ikən, sonra qaçaraq 1936-cı ildə Şanxayda “Sovetlərdə ölüm kampaniyaları” adı ilə nəşr etdirdiyi əsərdə Kiselev-Qromov təfsilatı ilə bəhs edir. Solovki və buna bənzər sürgün yerləri ilə bütün sovet zindanlarında iztirab çəkənlər, təbii, sadəcə müsavatçılar deyil, ümumiyyətlə, bütün milli zümrələrin nümayəndələri idi. Bolşevik leksikonu Azərbaycandakı bütün vətənpərvərləri müsavatçı adlandırır. Müsavatçılıq vətənpərvərliyin sinonimidir. Azərbaycan Kommunist Partiyasının XIV Bakı qurultayında söz söyləyən partiya katibi Bağırov demişdir ki: “İndiki halda “Müsavat” partiyası mərkəzi komitəsinin üzvlərindən dördü “Çeka” həbsxanasındadır. Bunlardan hər biri Sovet dövlət idarəsində yüksək mövqe tuturdu, sovet məmurluğu ilə müsavat partizanlığını bir şəxsdə necə birləşdirdiklərini onlardan soruşduqda onlar: bu həm asan, həm də ucuz başa gəlir, deyə zarafat edərlərmiş. Bolşeviklərin – milliyyətçiliyi tamamilə yox etdik, – dedikləri bir çox bəyanatlarına baxmayaraq, sovet mətbuatı ilə höküməti son illərə qədər Azərbaycan vətənpərvərliyinin rəmzi kimi tanınan müsavatizmlə şiddətli mübarizə aparmışlar. 1932-ci ildə toplanan AKP-nin qurultayının qərarına görə “Müsavat” partiyası ilə sadəcə daxildə deyil, xaricdə də mübarizə aparılmalıdır. 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair çıxışında 1918-ci ilin 28 mayında Azərbaycanı Sovet Rusiyasından ayırmağa cəsarət etmiş “Müsavat” partiyasının üstünə düşür. Ona görə o, “Müsavatçıların Azərbaycandakı hakimiyyyəti tarixin ən qaranlıq dövrüdür”, “inqilab əleyhdarı olan müsavat partiyasının tarixi daimi bir xəyanət və dönüklük tarixidir” – deyir. Milli təmayüllər sovet ziyalılarının geniş təbəqələrinə nüfuz edir: bu, xüsusilə məktəblərdə və mədəniyyət sahəsində çalışanlar arasında duyulur. Daxili İşlər Komissarı Bağırov çıxışında demişdir ki: “Müsavat partiyası Mərkəzi Komitəsinin bir təlimatnaməsi əlimizə keçib: burada müəllimlərə məktəblərdə milli şüur təbliğatı aparmaq və şagirdlər arasında rus-bolşevik rejiminə qarşı nifrət oyandırmaq tövsiyyə edilir” (“Kommunist”, 302, Bakı). İstilalar orqanları uzun müddət Azərbaycanın təhsil sistemində “panturanizm”i təmizləməklə məşğul oldular. Ümumtürk dünyası ilə hər cür münasibətlər yaratmaq istəyən təmayülə “panturanizm” deyilirdi. Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azərbaycanda “proletar mədəniyyəti”ni bərqərar etmək istəyirdilər. Qısaca “proletkult” adlandırılan bu formulun mənası “formaca milli, məzmunca kommunist” olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki bu iş üçün hazırlanmış kadrlar yox idi. Məktəb kimi, ədəbiyyat da uzun zaman kommunizmə yabançı olan ideoloqların təsiri altında qalırdı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət “inqilab”dan əvvəlki qələm sahiblərinin əlində idi. Bu iddianı təsdiq edən dəlil və hadisələr “Çağdaş Azərbaycan ədəbiyyatı” mövzüsünda oxuduğumuz məruzədə danışıldığından, burada təfsilata varmayacaq, yalnız sovet mətbuatından mövzuya aid olan bir neçə sətri nümunə gətirəcəyik. 1921-ci ilin 5 oktyabr tarixli Bakıda çıxan “Kommunist” qəzetində o zamankı Maarıf nazirinin Yazıçıların qurultayındakı çıxışında belə yerlərə rast gəlirik: “Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin “Müsavat” dövründən xəbəri yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə tutulur) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə, Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və “Baxımsız Azərbaycan” şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar; indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər (“Kommunist”, № 2765 – 46, 1929). Adları çəkilən şairlərin bir hissəsinin başqa yerlərə qaçaraq milli ideologiyanı tərənnüm etdiklərini də bilirik. Bakı mətbuatından öyrəndiyimizə görə, Tağı Şahbazi, Böyükağa Talıblı, Əli Rza və Əhməd Cavad kimi yazıçılar sovet ədəbiyyatında millətçiliyi təbliğ etdiklərinə görə Yazıçılar İttifaqından xaric edilmişlər. Sovet höküməti, Azərbaycandakı milli meyillərlə təbiidir ki, yalnız ədəbiyyat və maarif sahəsində mübarizə aparmır. Azərbaycan Kommunist Partiyasının tarixi partiya sıralarının “milli sapıntılıq”dan təmizlənməsi tarixidir. Milli sapıntılıq isə yerli kommunistlərin partiya ilə sovet idarələrinin Moskvanın hədsiz müdaxiləsindən qorumaq istəyən hərəklərtlərinə deyilir. Diqqət etdinizsə, “sapıntıçılıq” adlanan bir təbir işlətdik. Bununla “uklonist” sözü tərcümə edilir. “Uklon” – doğru yoldan sapmaq deməkdir. Kommunizmin əsas əqidələri ilə razı olmayanlara və partiya intizamına riayət etməyənlərə bu adı verirlər. Rus olmayan sovet respublikalarında milli istiqlal fikrinə meyl edənlərə “milli sapıntıçılar” adı verilir. Daha sonra, 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının Baş katibi Əyyub Xanbudaqov Azərbaycan sapıntıçılarına başçılıq etdi və bu cərəyanın istədiklərini bu şəkildə formullaşdırdı: 1. Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 2. Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək. 3. Azərbaycan milləti öz-özünə idarə etmək çağına çatmış ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya “yerli millətçilik” damğası vurur. Buna qəti olaraq son qoyulacaq. 4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil, gerçəkdən türkləşdiriləcək. 5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən Sovet hökümətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet Respublikaları Federasıyasının təşkilatı əsası ilə qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. Bu federasiya sonradan dağıldı). Xanbudaqovun bu çıxışı Azərbaycan kommunistləri arasında qüvvətli bir hərəkata səbəb oldu. Bu hərəkat Moskvanın zorakı tədbirləri ilə nəticələndi. Xanbudaqovu Azərbaycandan sürgün etdilər. Azərbaycan Kommunist Partiyasının Baş katibliyinə bundan sonra Moskvadan təyin olunan yabançı katiblər göndərildi. Partiyanı Xanbudaqov tərəfdarlarından təmizlədilər. Komsomol adlandırılan gənc kommunistlərin belə 40%-i təşkilatdan qovuldu. Bu dövrə aid Moskva və Bakı qəzetləri partiya kütlələrini sarmış millətçilik təsirinə qarşı mübarizədə səhlənkarlıq göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə hücumlar edirlər. 1929-cu ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının baş orqanı olan “Pravda” qəzetindəki “Azərbaycan Kommunist Partiyasının faciəli iflası” başlıqlı məqaləsində Bolşevik Partiyası müfəttişlərindən Yaroslavski yazırdı: “Bakı Azərbaycanın paytaxtıdır. Azərbaycan – bütün müsəlman Şərqinin inqilabi mərkəzidir. Bakı pantürkizm ilə panislamizm ideyalarına qarşı savaşan internasionalizm qalasıdır. Buna görə, kommunizmin Bakıdakı faciəli aqibəti haqqında yazı yazmaq acıdır. Bir Bakı ki, arxasında işçi hərəkatının on illərcə sürən böyük bir tarixi vardır; bir Bakı ki, böyüklüyü etibarı ilə Sovet İttifaqının üçüncü şəhəri sayılır... Sovet neftinin 70%-ni Azərbaycan verir. İmperializmin gözü Azərbaycandadır. Müsavatçılar gecəli-gündüzlü Azərbaycan xalqının etimadını qazanmağa çalışırlar. Işçi partiyasının gücü bu ünsürlərə qarşı mübarizə aparmaqdadır. Buna görə də Bakı haqqında pis şey yazmaq çox ağır və kədərlidir”. “Pravda”dan sonra, hökümət organı olan “İzvestiya” qəzeti də Azərbaycandakı vəziyyət haqqında bir mərsiyə yazır: “Dövlət sənayesini planlaşdırma idarəsinin başında “Müsavat” hökümətinin Nəqliyyat naziri olmuş bir mühəndis, kənd maarifi və abadlaşdırma işlərinin başında da müsavatçı bir vəkil durur” – deyə şikayət edir. Bakıda çıxan “Kommunist” qəzetində AKP Bakı komitəsi katiblərindən Cəbiyev sapıntılığın Azərbaycan şəraitində türk millətçiliyi şəklini aldığını yazır. Onun söylədiyinə görə, 1922-ci ildə beyinləri millətçilikdən dumanlanan kommunistlər Azərbaycanı burjua demoktratik respublikası elan etməyi planlaşdırırlarmış. AKP Mərkəzi Komitəsinin katibi Leon Mirzoyan 1923-cü ildə Kommunist Partiyasının Bakı təşkilatında oxuduğu bir raportda bəzi yerli kommunistlərin Azərbaycanın sənayeləşdirilməsi planının dəyişdirilməsini tələb etdiyini söylədi. Və sonra dedi ki, bu plan onlara görə məmləkətin iqtisadi müstəqilliyini tamamilə təmin etməli, Azərbaycandan toplanan vergilərin yerli ehtiyaclara sərf edilməsinə yönəltməli, Azərbaycana rusları köçürmə siyasətinə son qoymalı, Azərbaycana rus köçkünlərinin deyil, İdil*[1] boyundakı tatarların gətirilib yerləşdirilməsinə gətirib çıxarmalıdır. Çünki eyni dil və mədəniyyətə malik olduqları üçün bunlar yerli türk əhaliyə daha asanlıqla uyğunlaşar və məmləkətin milli simasını dəyişməzlər. Moskvadan təyin olunan AKP Baş katibi Polonski 1932-ci ildə Azərbaycanın Rusiyadan ayrılmasını və özbaşına, müstəqil bir dövlət olmasını istəyən yerli millətçiliyin öhdəsindən gəlməyi qərarlaşdırdı. 1937-ci ildə Azərbaycan Sovet təşkilatının konstitusiyasının müzakirə edildiyi iclasında Ruhulla Axundov, Mikayıl Hüseynov, Məmməd Qasımov, Xanbəy Balayev və Kərim Abdullayev kimi yerli kommunist xadimləri burjua millətçiliyində və əksinqilabçılıqda ittiham edilərək, konfrans nümayəndəliyindən çıxarıldılar. Bunlardan hər biri Azərbaycan Sovet idarələrində və Azərbaycan Kommunist Partiyasında yüksək mövqeyə malikdirlər. Ruhulla Axundov isə dövlətdə və partiyada yüksək mövqe tutan bir ideoloqdu. İndi, qısa da olsa, Azərbaycan xalqının bir rejim altında belə, nə şəkildə olursa-olsun əldə etmiş olduğu bəzi mədəni nailiyyətləri nəzərdən keçirək. Hər şeydən əvvəl indi Azərbaycanda oxumağı-yazmağı bilməyənlərin sayı aşağı səviyyəyə enmişdir. Türkcə çap edilən qəzet və kitabların tirajı xeyli artırılmışdır. Almaniyada rast gəldiyimiz azərbaycanlı hərbi əsirlər arasında oxuyub-yazmağı bilməyənlərə rast gəlmədik. Azərbaycanlılar arasında müxtəlif ixtisaslar sahəsində yetişmiş adamların sayı diqqətəlayiq bir vəziyyətdədir. Alimlik qadınlara da aiddir. Bakı Universitetindəki professorların arasında azərbaycanlı qadın professorları da vardır. Ədəbiyyatda, teatrda, musiqidə böyük bir irəliləyiş müşahidə edilir. Elmi araşdırmalar sahəsində də bəzi irəliləyişlər qeyd olunur. Bakıda Nizamiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadəyə və Ələkbər Sabirə heykəllər ucaldılmışdır. Onların əsərləri yenidən çap edilmiş, külliyyatları nəşr olunmuşdur. Adlarına muzeylər, məktəblər, kitabxanalar açılmışdır. Dünya ədəbiyyatı örnəklərindən tərcümələr var. Şərq və Qərb klassiklərindən bir qisminin əsərləri Azərbaycan dilinə çevrilmişdir. Bir çox orijinal pyeslərdən başqa Azərbaycan teatrının repertuarı Avropa dramaturqlarının tərcümə edilmiş pyesləri ilə zənginləşdirilmişdir. Əlbəttə ki, ilk növbədə rus yazıçılarına üstünlük verilmişdir. Yeni istedad sahibi artist və aktrisalar meydana çıxmışdır. Səhnə sənəti inkişaf etmişdir. Bundan başqa, məşhur bəstəkar Hacıbəyli Üzeyir bəylə başlayan Azərbaycan musiqili səhnəsi böyük addımlarla irəliləmişdir. Sovet İttifaqına daxil olan millətlər arasında Azərbaycan musiqisi qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdir. Azərbaycanlılar öz məmləkətlərinə “şer və musiqi yurdu” deməyi sevirlər. Elm, tarix, ədəbiyyat tarixi və incəsənətə dair bəzi ittifaqlar və jurnallar təsis olunmuş, bəzi tədqiqatlar və antologiyalar nəşr edilmişdir. Lakin mədəniyyət sahəsində sayılan bu nailiyyətlər nə kəmiyyət, nə də keyfiyyət baxımından azərbaycanlıları təmin edəcək bir şəkildə deyildir. Kəmiyyət baxımından: yerlilər əmindirlər ki, “neft respublikası” milli mədəniyyət müəssisələrinə Moskvanın icazə verdiyindən daha çox sərf etmək imkanındadır. Bu nöqtəni Xanbudaqovun tələblərindən də gördük. Ali məktəblərin türkcələşdirilməsindəki yubanma şiddətli bir etiraz doğurur. Bakı Universitetində, məsələn, tam türkcələşdirmə yalnız müəyyən fakültələrdə həyata keçirilmişdir. Türk dili hələ ki, özünə qarşı daha yaxşı rəftarı gözləməkdədir. Qonşu respublikalarda konstitusiyaya əsasən rəsmi dil yalnız ermənicə və gürcücə olduğu halda, Azərbaycanda türkcə ilə bərabər rusca da rəsmi dil səviyyəsindədir. Keyfiyyətə gəlincə, məsələ daha mürəkkəbdir. Bu xüsusda biz hökümətin milli respublikalara və xüsusilə, Azərbaycanın da mənsub olduğu türk respublikalarına qarşı qərəzli siyasəti ilə rastlaşırıq. İşğal hökümətinin bu respublakalardakı ruslaşdırma siyasəti xüsusilə gözə çarpmaqdadır. Bu siyasətin Azərbaycanda kədərli bir tarixi vardır. Bu məsələdə sıralarını həqiqi Azərbaycan milliyyətçiliyinin sıraları ilə birləşdirən “milli sapıntıçılıq”ın faciələrlə dolu taleyini canlandıran da bu tarixdir. Azərbaycandakı rus-bolşevik hakimiyyətinin ruslaşdırma siyasəti iki şəkildə təzahür edir: iqtisadiyyatda mərkəzləşdirmə, mədəniyyət sahəsində ruslaşdırma. İqtisadi mərkəzçilik, məmləkəti Moskvanın nəzərdə tutduğu iqtisadi planlara tabe etməkdən ibarətdir. Bu məqsədlə Azərbaycanın neft sənayesi bilavasitə Moskvadan idarə olunur. Azərbaycan, Sovet İttifaqı sənayesinin ümumi mənfəəti üçün Türküstandan sonra, ikinci pambıqçılıq regionuna çevrilir. Azərbaycanın ərazisi Rusiyadan köçənlərlə məskun edilir. Siyasi və iqtisadi müəssisələrdə Rusiyadan gələn yabançı ünsürlər hökm sürürlər. Şəhərlər getdikcə milli özünəməxsusluqlarını itirirlər. Sənaye işçilərinin sayı azərbaycanlıların zərərinə olaraq dəyişir. Bir sözlə, ən demokratik Stalin konstitusiyası baxımından sözdə müstəqil Azərbaycan Respublikası metropoliya tərəfindən qeyri-məhdud bir miqyasda soyulmaqda və istismar edilməkdədir. Mədəniyyətin ruslaşdırılması – bu, Azərbaycanın həqiqi bir faciəsidir. Sovetləşdirmənin ilk dövrlərində bu siyasət mədəniyyətin “formaca milli, məzmunca kommunist” olmasından bəhs edən bolşevik formulu ilə maskalanırdı. Sovet höküməti əvvəlcə ərəb hərfləri ilə yazmağa icazə verirdi. Lakin sonra sovet mədəniyyət xadimləri Azərbaycan ədəbiyyatını dayandığı öz mədəni və tarixi köklərindən qoparıb, onu və onunla bərabər xalqın mədəniyyətinin bütün sistemini yeni sovet yoluna salmaq istədilər. Başqa sözlə, onu öz zəminindən qoparıb rus zəmininə görürdülər. Bildiyimiz kimi, Azərbaycanın milli ənənələrinə sadiq qalan qüvvələr bu siyasətə qarşı qalxdılar. Bu qarşıdurma nəticəsində Azərbaycanda iki düşmən cərəyan arasında kəskin bir mübarizə başladı: Bir yanda sovetləşdirmə, yəni ruslaşdırma siyasətinin partizanları, o biri yanda mədəniyyətin milli və türk xüsusiyyətlərinin davam etdirilməsi və təkmilləşdirilməsi tərəfdarları üz-üzə gəldilər. Bu iki zümrənin bir-birini rədd və inkar edən əsaslı müddəaları 1937-ci ildə Bakıda keçırılən “Orfoqrafiya və terminologiya” konfransında öz ifadə və formulunu tapdı. Bu konfransda rusofillər mütləq bir sovetləşdirmə məqsədi ilə bunları istəyirdilər: 1) Beynəlxalq terminlər əslində olduğu kimi deyil, yalnız ruslarda olduğu şəkildə istifadə edilməlidir. 2) Ruscadan terminləri tərcümə etmədən eynilə saxlamaq lazımdır. 3) Başqa türk dillərindən sözlər alınmalıdır. 4) Ərəbcədən, farscadan və osmanlıcadan alınan sözlər eyni mənanı verən rus sözləri ilə əvəz edilməlidir. Buna qarşı olaraq “türkçülər” bunları istəyirdi: Terminlər türkcələşdirilməlidir. 2. Azərbaycanın ruslaşdırılması ilə nəticələnən sovetləşməyə meydan verilməməlidir. 3. Orfoqrafiya məsələsində ümumi ədəbi əsaslara dayanmalı və eyni zamanda, mümkün olduğu qədər digər türk dilləri ilə olan ortaq xüsusiyyətləri qorumağa çalışmaq lazımdır. Sovet İttifaqında çoxdilli mədəniyyətlərin getdikcə ruslaşdırılması bolşevizmin idealıdır. Bu idealı gerçəkləşdirmək istəyən Moskvanın himayəsindən qüvvət alan və siyasi müdaxilənin qaba təzyiqindən faydalanan “Sovetçılık” həyata keçirilir. “Sovetizm” ilə “nasyonalizm” arasında sərt bir savaş alovlanır. Məmləkətdəki mədəni ənənələri himayə etmək istəyən ən kiçik bir hərəkət sovet rejiminə qarşı edilən bir sui-qəsd hesab edilir. Milliləşdirmək niyyətində xalqın bütün mənəvi dəyərlərini tək bir varlıq halına gətirmək məqsədi güdülür. Halbuki, ortodoksal kommunizm dili bir millətin müxtəlif təbəqə və siniflərini birləşdirən, ünsiyyət yaradan bir vasitə deyil, sadəcə sinfi mübarizənin silahı sayılır. Bunun üçün də xalq kütlələrinin ədəbi dili anlaya bilmək səviyyəsinə yüksəlməsinə deyil, ədəbi dilin işçi xalqın anlayacağı bir səviyyəyə enməsi gərəkdir. Və bu qaydanın yalnız türk dillərinə və rus dilindən başqa bütün dillərə tətbiq olunması da diqqətəlayiqdir. Leninlə Stalinin dili isə bu qaydaya tabe deyildir. Burada başqa bir qanun hökm sürür, bu qanuna görə yalnız rus xalqının müxtəlif təbəqələri deyil, Sovetlər Birliyindəki bütün millətlər də “oktyabr inqilabının müqəddəs dili”ni bilmək səviyyəsinə yüksəldilməlidir. Xalq maarif komissarı Tağı Şahbazi ilə Azərbaycan Sovet Sosialist Respublikasının icraiyyə komitəsinin sədri, yəni respublikanın prezidenti S.M.Əfəndizadənin fəal şəkildə iştirak etdikləri bir komissiya vardı. Sovet Azərbaycanının tanınmış dilçiləri, müəllim və alimləri bu komissiyaya daxildilər. Bu komissiya 1936-cı ildə Azərbaycan türkcəsinin orfoqrafiyasının əsaslarını işləmiş və müəyyən bir sistemə salmışdı. Azərbaycanda o tarixə qədər işlədilən orfoqrafiya sistemi Azərbaycanı “oktyabr dili”nə, yəni ruscaya deyil, “panturanizmin silahı olan ümumi təkcə”yə yaxınlaşdırmaq məqsədi ilə tərtib edildiyindən “sovetləşdirmə” mütəxəssisləri tərəfindən “inqilab əleyhinə bir sui-qəsddir” deyə rədd edildi. Rusiyada rus vətənsevərliyinin Aleksandr Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi Cavaddan*[2] bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb ideallaşdırılır. Babək İslamiyyətin düşməni idi. Bir İslamiyyətin ki, indiki şəraitdə “kommunizm”ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, Sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir, Rusiyadan qorumaq isə əksinqilabçıların əməlidir. Stalinin bir formulu məşhurdur: “Hər hansı bir istismar olunanın hər hansı bir imperatorluqdan ayrılması – inqilab, hər hansı bir məmləkətin Sovetlər Birliyindən çıxması isə əksinqilabdır”. Eyni metod mədəniyyət tarixinə də tətbiq olunmaqdadır. Məsələn, XII əsrdə yaşamış Nizami ideallaşdırılır. Ümumdünya miqyaslı bir şair kimi, dünya ədəbiyyatındakı müstəsna mövqeyi göstərilir. Lakin onun türklüyünü və ruslar əleyhinə misralarını gizlədirlər. Onlar Nizamini internasionalizmin böyük bir mübarizi və hətta Sovet hakimiyyətinin gələcəyini öncədən sezmiş bir mübəşşir* kimi öyürlər. Mirzə Fətəli Axundzadə haqqında da yazırlar. Onlara görə Axundzadə XIX əsr Avropasının əhvali-ruhiyyəsini yayan maarifçi bir yazıçıdan daha çox “inamlı rusofildir” və “böyük rusluq mənafeyinin prakrtiki nəticələr güdən siyasi mülahizələrindən başqa ciddi bir kökü yoxdur”. Bu, hər şeyi “rus xalqı ilə birləşdirmək” qərəzinə tabe edən siyasət, nəhayət, 1939-cu ildən etibarən Azərbaycan mədəniyyətinin formaca da ruslaşdırılmasına aparır. Azərbaycan yazısını Avropa-latın əlifbasından kiril-rus əlifbasına keçirdilər. Əlifbadakı inqilaba Azərbaycanda amansız bir təmizləmə ili olan 1937-ci ildən etibarən başladılar. 1937-ci ildə Moskvada qurulan bir ingilabi məhkəmədə Trotski tərəfdarlarını təmizləmək üzrə məşhur məhkəmələr başlamışdı. Bu məhkəmələr əsnasında Qafqaz kommunistlərindən Budu Midivani Qafqaz millətçiliyində, xüsusilə, milli Azərbaycan partiyası “Müsavat”la münasibətdə olmaqda ittiham edilmişdi. Bu, Azərbaycanda başlanacaq geniş miqyaslı təmizləməyə işarə idi. Buna isə qorxunc bir sadizmlə başlandı. Konstitusiyanın tənzimi üçün çağırılan Sovet Azərbaycanının doqquzuncu qurultayının bir çox məşhur Azərbaycan kommunistlərini öncə nümayəndəlikdən çıxarıldığını yuxarıda qeyd etmişdik. Bu qurultayda keçirilən seçkilər əsnasında söz söyləyən o zamankı Azərbaycan Sovet hökümətinin Baş naziri Rəhmanov Azərbaycanda Sovet hökümətinə qarşı üç növ müxalıfətin mövcud olduğunu söyləmişdi: 1) Dindarlığı qüvvətləndirmək məqsədi ilə məscidlər və kilsələr ətrafında birləşən klerikallar: 2) “Müsavat” partiyası ətrafında toplanan millətçilər: 3) Kommunist partiyasından ayrılmış milli əyintiçilər: bunlar da digər iki qrupla birlikdə amansız təqiblərə məruz qalacaqdır. Həqiqətdə də, 1937-ci il təmizləməsindən sonra nə məşhur yazıçılardan, nə görkəmli professor və müəllimlərdən, nə sevilən artistlərdən, nə də az-çox tanınan ictimai xadimlərdən kimsə meydanda qalmır. Az-çox ad-san sahibi olanlar məhv edilirlər. Bu operasiyanın nə şəkildə edilməsi haqqında oxucularda müəyyən bir fikir yaratmaq üçün aşağıdakı hadisələri qeyd edək: Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq, müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov “panturkizmin zəhərli bir nümayəndəsi və “Müsavat” partiyasının zavallı bir agenti” kimi günahlandırıldı. Sovet dərsliklərinə panturanist və panislamist fikirlərini soxuşduran “Türkiyə agentləri”ni cidd-cəhdlə üzə çüxarmağı özü üçün böyük bir hünər sayan Əliheydər Qarayev “Müsavat” partiyası ilə beynəlxalq faşizmin “soysuz bir uşağı” kimi ifşa edildi. Milli Azərbaycan hökümətinə qarşı konspirasiyası ilə məşhur olan Azərbaycanın inqilabi komitəsinin keçmiş üzvü, 1920-ci ildə Gəncə üsyanının yatırılması tapşırılmış baş komissar Həmid Sultanov inqilabi məhkəmənin qərarı ilə Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı üsyan qüvvələrinin başçısı olduğu üçün ölüm cəzasına məhkum edildi: eyni zamanda o, yabançı bir dövlətə casusluq etməkdə də günahlandırıldı. Onunla birlikdə “sapıntıçı” kommunistlərin bir çoxu da cəzalandırıldılar. Sultanovun məhkəməsində elan edilən ittihamnamələrdən anlaşıldığına görə H.Sultanova işlərində adları aşağıda qeyd olunan “panturkistlər” və “millətçilər” kömək etmişlər; məsələn: 1) R.Axundov - Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin keçmiş üzvü və Azərbaycan Sovet Sosialist Respublikasının keçmiş maarif komissarı, 2) D.Bünyadzadə - Azərbaycan Sovet Sosialist Respublikası hökümətinin keçmiş prezidenti və keçmiş kənd təsərrüfatı naziri, 3) S.M.Əfəndizadə - Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə komitəsinin sədri – yəni Respublikanın prezidenti, 1904-cü ildən bolşevik, 4) Ə.Qarayev - Azərbaycan Sovet Sosialist Respublikasının keçmiş müdafiə və dəniz işləri komissarı və hərbi inqilabi komitənin üzvü, keçmiş ASSR Xalq Komissarları Şurasının sədri, Zaqafqaziya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri və Sovet İttifaqı Bolşeviklər Partiyasının mərkəzi komitəsinin üzvü. Siyasət adamlarından sonra ədəbiyyata, incəsənətə, elmə mənsub olan bütün görkəmli şəxsiyyətləri eyni şiddət və töhmətlərlə təmizlədilər. Onları ittifaqlardan çıxardılar ki, sovet şəraitində bu, bir adamı hər cür hüquqlardan məhrum edərək ac qalmağa məhkum etmək deməkdir. Bir çox yazışılar sadəcə Yazıçılar İttifaqından çıxmadılar, eyni zamanda, partiya üzvlüyündən də çıxarıldılar. Bu, insanı bütün hüquqlarından məhrum etməyə bərabərdir. Kommunizmin əski çalışanlarından bir çoxu da sadəcə “sovetləşdirmə” siyasətini “türkləşdirmə” qayəsinə qarşı yönəltmədikləri üçün QPU barmaqlıqları arxasına atıldılar. Yeni sovet konstitusiyasının qəbulundan və rus hərflərinin tətbiqindən sonra Azərbaycan bolşevik terrorunun yeni bir mərhələsi başlandı. Məmləkətin həyatında az-çox rolu olan adamlar aradan götürüldü. Sovet Azərbaycanının yubileyi qeyd edildiyi gün, məsələn “tarixi günün qəhrəmanı” kimi öyüləcək yerli bir ad tapılmadı. İlk Azərbaycan inqilabi komitəsinin sədri doktor Nərimanovun adı belə çoxdan ölüb getməsinə baxmayaraq, “milli sapıntıçı xainlərin hamisi” kimi ifşa edildi. Təmasda olduğum yeni Azərbaycan qaçqınları istisnasız 1937-ci il təmizləməsindən böyük bir acı ilə danışırdılar. Bu ilə onlar “Azərbaycanda qətli-am ili” adını verirdilər. Çağdaş tarixdən bəhs edərkən, yabançı süngüləri ilə məmləkət hüdudlarından bayıra atılan milli Azərbaycan emiqrasiyasının beynəlxalq aləmdəki siyasi və ideolojı fəaliyyəti üzərində də dayanmaq istərdim. Lakin bu fəaliyyətin ümumi mahiyyəti, məsələ ilə bağlı olanlara bəlli olduğundan bu cəhət üzərində çox durmağa ehtiyac yoxdur. Ancaq orasını qeyd etməliyəm ki, bu fəaliyyət sayəsində Azərbaycan davası beynəlxalq miqyasda tanıdıldı və Azərbaycan məsələsi bir məsələ kimi dünya mətbuatında, müxtəlif dairələrdəki mübahisələrdə etiraf edilirdi. Bu isə Azərbaycanda olduğu kimi bütün sovet mətbuatında narazılığa səbəb olmuşdur. Azərbaycan tarixinin bu mərhələsini daha yaxşı izləmək üçün zəruri olan bir cəhəti aydınlaşdıraq: Tarixin əsl materialını təşkil edən yeni Azərbaycan nəsli nə vəziyyətdədir? Buraya qədər mövzumuzu sovet həyatından və mətbuatından aldığımız məlumatlar və müşahidələr əsasında araşdırdıq. İkinci Dünya müharibəsindən sonra bu imkandan da məhrum olduq. Lakin həmin müharibə bizə eyni mövzunun tədqiqi üçün yeni bir imkan verdi. Azərbaycanlı hərbi əsirlərlə təmasda ola bildik. 1942 və 1943-cü illərdə Almaniyanın Xarici işlər Naziriliyinin dəvəti ilə digər Qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqaziya məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdi. “Ali irq”in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı və istiqlal davamızı tanımayan bir hökümətlə birgə fəaliyyətin baş tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. 1943-cü il, 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik. Lakin bu sırada fürsət taparaq, Almaniyadakı azərbaycanlı hərbi əsirlər ilə təmasda olmağa çalışdıq və buna qismən müvəffəq olduq. Bu təmasları Azərbaycandakı real vəziyyəti və yeni nəslin hansı əhvali-ruhiyyədə olduğunu öyrənmək üçün istifadə etdik. Bir az əvvəl bəhs etdiyim Berlin ziyarətinin müsbət hadisəsi budur. Yuxarıdakı fəsillərdə qeyd olunan hadisələrin təhlilindən gəldiyimiz təsəvvür və nəticələri təmasında olduğumuz bu azərbaycanlılardan aldığımız məlumatlarla qismən təkmil, qismən də təshih edərək, Azərbaycanın yeni nəslinə xas olan cəhətləri aşağıdakı şəkildə xülasə etməyi münasib bildik. Yuxarıda biz əhalinin nə dərəcədə oxuyub-yazma öyrənməsindən danışdıq. Yeni nəsil öz dilində, deyə bilərik ki, tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri bitirmişlər. Əsirlər arasında orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali təhsillilərə də rast gəlinir. Müəllimlərlə həkimlər daha çoxdular. Mənim: “Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə yüz ali təhsil görmüş gəncləriniz vardırmı?” – sualıma müsahiblərim əsəbi halda: Siz nə deyirsiniz, yüzlərdən deyil, minlərdən danışın... Biz öz-özümüzü idarə edəcək bir vəziyyətdəyik! – deyə cavab verdilər. Ana dili ilə bərabər, əsirlər ruscanı da bilirlər, lakin çox zəif. Məsələn, ruscanı kifayət dərəcədə bilməyən rus dili müəlliminə rast gəldim. Bizə anlatdılar ki, ruscaya qarşı Qafqaziyada xüsusi bir müxalifət vardır. 1937-ci il təmizlənməsini xatırladaq: O zaman “yerli millətçiliyi” ifşa edənlər sapıntıçıları həm də “Azərbaycan məktəblərində Lenin və Stalin dilinin öyrədilməsində göstərdikləri səhlənkarlıq”da günahlandırırdılar. Bu səhlənkarlıq “ali məktəb tələbələrinin belə rus dilini bilmədiklərinə” səbəb olubmuş. (“Kommunist”, Bakı, 28.III. 37). Sovet şəraiti və idarəsi ilə bağlı olaraq, çox da yüksək səviyyədə olmayan ümumi məlumat və biliklərinə baxmayaraq, azərbaycanlı əsirlərin dini məsələlərdə tamamilə biliksiz olduqları nəzərə çarpırdı. Azərbaycandakı yeni nəsil, deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə məlum deyildir. Azərbaycanda əskidən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovetlər Birliyi ilə bərabər, yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz (Çox qüvvətli ailə ənənələrinin təsiri ilə adətləri yaxşı bilənlərə də təsadüf olunur). Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar-bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirlər. Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını islam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə – “ya Məhəmməd, ya Məhəmməd” – deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını “Arşın mal alan” operettasından nəğmələr oxuyaraq basdırmışlar. Daha yaşlı nəsil bu xüsusda müəyyən bir faciə yaşayır və əzab çəkir, lakin gənclik çox nadir istisna ilə bu faciəni hiss etmir. Mümkündür ki, sovet rejimi aradan götürüləndən sonra dindarlıq sözün fəlsəfi, mücərrəd mənasında mənəvi həyatın bir təzahürü kimi cəmiyyətin müəyyən sahələrində müəyyən əksini tapır. Lakin burada dinin ictimai həyatı tənzim edən siyasi və idari bir müəssisə ola biləcəyini təsəvvür etmək mümkün deyil. Bu mənada din sovet dövründə tamamilə öldürülmüşdür. Gələcəkdə din yalnız yurddaşın şəxsi həyatına xas olaraq qalacaqdır. Bu, Mirzə Fətəli Axundzadədən başlayaraq Sabirin həcvlərinə qədər dinin təhqir edilməsi ənənələrinə yiyələnən çağdaş Azərbaycan ədəbiyyatının bir nəticəsidir. Dinin təqibindən çox az mütəəssir olan indiki Azərbaycan nəsli milli mədəniyyət məsələlərinə böyük bir həssaslıqla yanaşır. Mədəniyyət adamları, yəni ədəbiyyatçılar, sənətkarlar, müəlliflər, humanitar sahələrə mənsub olanlar – tarixçilər və başqaları milli mədəniyyətlərinə atəşin bir eşqlə bağlıdırlar. Onlar bu mədəniyyətin ümumtürk dəyərləri və bağlarına çox böyük əhəmiyyət verirlər: onlar milli mədəniyyəti məzmunca da, formaca da yüksək tuturlar. Bolşevizmin mədəniyyət haqqındakı “formaca milli, məzmunca kommunist” kimi ifadə olunan ikiüzlü təhrifini nifrətlə rədd edirlər. Bu formulun necə hiyləgər bir metod olduğunun Azərbaycan həyatı tərəfindən ifşa edildiyini çox gözəl bilirlər. 1937-ci ildəki “sovetləşmə”nin qələbəsi ilə 1939-cu ildəki “əlifbada inqilab” onların fikrincə Azərbaycan türk mədəniyyətini yıxıb sürüməkdən başqa bir şey deyildir. Milli ruhlu ziyalıları yox edən və mədəniyyətin şəkillərini dəyişdirən Sovet höküməti əsirlərə görə azərbaycanlıları ümumi rus qazanında qaynadıb qarışdırmaq niyyətiylə Azərbaycanın türk-müsəlman dünyası ilə olan ən son mənəvi bağlarını da kəsib-atmaq istəyir. Yalnız mədəniyyət məsələləri ilə bilavasitə əlaqəli olanlar deyil, təmasında ola bildiyimiz hərbi əsirlərin bütün zümrələri milli mədəniyyət dəyərlərinə və Azərbaycanın ədəbiyyat, teatr və musiqi sahəsindəki uğurlarına candan bağlıdır. Bu adamlarla söhbət edərkən onların dəfələrlə Azərbaycanın şair və yazıçılarından beytlər və aforizmlər söylədiklərini gördüm. Bəzən ümumtürk dünyasının ortaq malı olan böyük klassiklərdən də nümunələr gətirirdilər. Azərbaycanlı əsirlər tərəfindən 1943-cü ildə Berlində çap edilən “Azərbaycan” qəzeti Azərbaycan ədəbiyyatının müxtəlif əsər və şəxsiyyətlərinə aid məqalələrlə dolu idi: onlar bu yazıları əllərində heç bir antologiya olmadan əzbərdən yazırdılar. Buna baxmayaraq, bu canlı məqalələr maraqlı materiallar və iqtibaslarla dolu idi. Göründüyü kimi, yeni nəsil öz keçmişi və mədəniyyəti ilə öyünür. Bu nəslin nümayəndələri “böyük şair və alim” Nizami, “şer günəşi” Füzuli, “ölməz düha” M.F.Axundzadə, “Peyğəmbər”in (pyes adıdır) müəllifi H.Cavid haqqında yüksək bir üslub və dərin bir sevgiylə danışır və yazırlar. Sabirin (məşhur Azərbaycan satiriki) şerlərini əzbər oxuyurlar, Cəfər Cabbarlının (dramaturq) pyeslərini son dərəcə yüksək qiymətləndirirlər: bu pyeslərin sovet senzurası tərəfindən kəsilib dəyişdirilməsindən də xəbərsiz deyillər. Öz bəstəkarları ilə fəxr edirlər. “Leyli və Məcnun”dan, “Şahsənəm”dən, “Xurşudbanu”dan, “Koroğlu”dan, “Arşın mal alan”dan və bağqa əsərlərdən bəzi yerləri oxuyurlar. Özləri də müəyyən dərəcəyə qədər şairdirlər. “Azərbaycan” qəzetinin “ədəbiyyat səhifəsi” əsirlər tərəfindən yazılan mənzum parçalarla dolu idi: bu parçalar arasında həqiqi şer parçaları da az deyildi. Əsirlər arasında artist, musiqiçi olanlar da vardı, buna Azərbaycanın istiqlal gününün 25 illik yubileyi münasibəti ilə təşkil edilmiş axşamda iştirak edənlərin bir ağızdan ifadə etdikləri müsbət təəssüratlar şəhadət etməkdə idi. Təsadüfən almanların əsirlərdən təşkil etdikləri bölüklərə mənsub azərbaycanlı bir legioneri dinlədim. O, mənə Azərbaycanın teatr və musiqidəki uğurları haqqında danışdı. Moskvada Azərbaycan artistlərinin necə qiymətləndirildiyindən, “musiqimizin bütün dünyada birincilik” qazandığından bəhs edirdi. Mən onun duyduğu qürur və sözlərindəki öyünmə ədasını gördüm: gözləmədiyi bir sualla onun sözünü kəsdim: Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda, nə üçün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz? O heç çaşmadan mənə belə cavab verdi: Mən əsl sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir; bu QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi. Əsirlərdən başqa birisiylə başqa bir söhbət: Sizlər hamınız kolxozdan şikayət edirsiniz. Yaxşı, bir gün qolu qüvvətli birisi gəlib bir vuruşda rejimi yıxdı, iqtisadi azadlıq elan etdi. Sizlərə bir parça torpaq ayırıb dedi ki, çalışın, əkin, biçin və məhsulunuzdan istədiyiniz kimi istifadə din, lakin buraxın bu mənasız milli mədəniyyət xəyallarını. – Xeyr, min dəfə xeyr. Öz mədəniyyətimizdən heç bir vəchlə ayrıla bilmərik. İnsan heyvan deyil, o, yalnız mədəsiylə deyil, ruhuyla da yaşar!.. Yeri gəlmişkən, bir az da kolxozdan bəhs edim: bu, Azərbaycanın ən ağrılı yeri, qanayan yarasıdır.. Məmləkət Moskvanın istismar sisteminin ölümcül təsiri altındadır. Kolxoza qarşı, iqtisadi istismara qarşı mübarizə – bu, bütün Azərbaycanı birləşdirən bir şüardır. Qırmızı imperializmin ən qorxunc koloniya sistemi azərbaycanlıları bir-birinə qarşı birləşdirir. Kommunistlər Azərbaycan kəndlilərinin proletar Bakısına qarşı müxalifətindən danışırlar. Proletar Bakısı rus müdirlərinin əmrində və itaətində olan Bakı deməkdir. Milli Azərbaycan paytaxtı rus təzyiqindən qurtulmaq üçün çırpınır. O, göz görə-görə Bakının ruslaşdırılmasına razı deyil. Kəndlərin şəhərlilərlə qarşı-qarşıya gəlməsi qətiyyən söhbət mövzusu deyildir; mövzu xalqın yabançı istismarçılara qarşı mübarizəsidir. Bükreşdə ikən sovetlərdən qaçıb gələn azərbaycanlı bir sürücü ilə söhbət etdim. Bu sürücü vətənində balıqçılıq edirmiş. Sadə təbiətli adi bir adamdır. Az-az hallarda oxuyub-yazırdı. Demək olar ki, təhsilsiz idi. Lakin sağlam düşüncəli, ağıllı bir kəndli idi. O, olduqca düzgün və aydın bir ifadə ilə Azərbaycan xalqının siyasi vəziyyətini anlatdı. Müstəmləkə qüvvələrinə qarşı gizli davam edən milli mübarizə və müxalifətdən bəhs etdi. Onun sözlərindəki bir təhlildən çox heyran qaldım: Sovet rejimindən iki növ narazılar var, – dedi. Bir qismi sovetlərdən şəxsi motivlərə görə narazıdırlar. Bunlar var-dövləti əlindən alınan varlılar, mülkədarlar, fabrik və böyük torpaq sahibləridirlər. Bu, əhəmiyyətli müxalifət deyil. Əhəmiyyətli olan ikinci növ müxalifətdir. Bu, gənclərin müxalifətidir. Bunlar deyirlər: yaxşı, bolşevik olaq, lakin nəyə görə Azərbaycanı azərbaycanlı kommunistlər deyil, Moskvadan yabançılar idarə edirlər. Nə üçün Azərbaycan nefti Azərbaycana sərf edilmir, Moskvaya göndərilir. Nə üçün biz öz yurdumuzun sahibi deyilik. Nə üçün milyonluq Finlandiya müstəqil ola bilər, Azərbaycan ola bilməz. Adi bir balıqçının, professional bir siyasətçının deyil, xalq kütləsindən bir balıqçının bu təhlilindən dəryanın bir qətrəsi suda əks olunduğu kimi, Azərbaycan xalqının siyasi duyğusu əks olunur. Yeni nəsil bunu yaxşı başa düşür. O, məsələnin həllini bolşevizmin tamamilə aradan götürülməsində axtarır. Bolşevizmlə mübarizə onun üçün milli qurtuluş uğrunda mübarizə deməkdir. Sadəcə iqtisadi deyil, eyni zamanda, milli-mədəni baxımdan qurtuluşdur. Orfoqrafiya və əlifba məsələsi ilk baxışda qeyri-siyasi və az əhəmiyyətli məsələdir. Halbuki, həqiqətdə heç də belə deyildir. Ilk imkan yaranan kimi yeni nəsil (müharibə səbəbindən Almaniya şəraitinə düşən hərbi əsirlərin şəxsində) kiril-rus hərflərini böyük bir nifrətlə atdı, latın kökündən alınan türk hərflərini tutdu, nəşriyyatlarını bu hərflərlə işlətdi. Bu, onun üçün bir restavrasiya rəmzi, mədəniyyətinə edilmiş təcavüzə qarşı bir etiraz idi. “Azərbaycan” qəzetində bu mövzuda həyəcanlı müraciətlər, məqalələr çap edilib. Müsəlman Şərqində bir çox şeylər dəyişmişdir. İslamiyyətdən əvvəlki dövrlərə aid olub, dinə bağlılıq baxımından küfr rəmzi kimi rədd edilən milli oyanış dövründə özlərinə qarşı başqa münasibətdə olmağı istədilər. Babək Azərbaycanda belə adlardan biridir. “Babəki” sözü hələ XIX əsrdə Azərbaycanda söyüş kimi işlədilirdi. Dini əhkamlara əhəmiyyət verməyən azad düşüncəlilərə “babəki” deyirdilər. İndi isə Babək vətənpərvərliyin bir ifadəsi kimi işlədilir. Qırmızılar İslamiyyət əleydarları olan bu simanı idealizə etməklə, Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru çevirmək istədilər. Lakin haqqında danışdığımız “Azərbaycan” qəzetinin müəllifləri rus imperializminə qarşı mübarizə üçün etdikləri müraciətlərdə dəfələrlə misal olaraq Babəki fədakarlığın bir örnəyi kimi təqdim edirlər. Bolşeviklər, yuxarıda dediyimiz kimi, Qafqaziya istiqlal qəhrəmanı böyük Şamilin xatirəsini çox da yad etməzlər; azərbaycanlı Cavad xanın şəxsiyyətini də tərifləmək istəmirlər. Lakin bu məqsədlərinə nail ola bilmirlər. Qafqaziyanın azadlığını öyən gənc Azərbaycan şairi Almas Yıldırım, Şamilin adını dərin bir həyəcanla anır. “Azərbaycan” qəzetində əsirlərin qələmindən çıxan məqalələr arasında Gəncənin qəhrəman müdafiəçisi Cavad xana aid az bilinən çox maraqlı materiallara rast gəldim. Yeni nəslin siyasi cəhətdən şüurlu qisminin bütün kini milli fəlakətlərin qaynağı Rusiya imperializminə qarşı çevrilmişdir. Alovlu şair Gültəkinin*[1] “Qaldıqca ruslarda diyarım mənim, İntiqam alacaq şüarım mənim!” beyti ümumi bir şüardır. Qafqaziyalı millətlər arasında isə qarşılıqlı əlaqə və dostluq ruhunun üstün olduğu görülməkdədir. Bu xüsusda hər tərəfdən və müxtəlif qaynaqlardan təsdiqedici hadisələrdən xəbər tutmaq sevindirici bir haldır. Bolşevik dövrünün ictimai nəticələri hansılardır? Bu suala cavab verməyi üzərimizə götürmürük. Sadəcə etdiyimiz söhbət və mübahisələrdən aldığımız təəssüratı sizlərə çatdıra bilərik: Məlum olduğu kimi, əski mənadakı sinif fərqləri ortadan qalxmışdır. Xalq kütləsi müəyyən bir şəkildə hərəkətə gəlmişdir. Bolşevik diktatorluğunun bütün şiddət və fəlakətlərinə davam gətirməklə bərabər, müəyyən qədər olsa da, xalq təbəqələri ictimai və siyasi həyatla təmasa girmişlər. Patriarxal ailə quruluşuna ağır bir zərbə vurulmuşdur. Lakin ailənin təməlləri kökündən yıxılmamışdır. Ər-arvad sədaqəti əski adətlərə bağlıdır; ayrılma halları o qədər də çox deyildir; əcnəbilərlə evlənmə halları çox deyil; əcnəbi qadınlarla evlənən kişilərin sayı əcnəbiyə ərə gedən qadınlardan çoxdur. Qafqaziyalılar arasındakı qarışıq evlənmələr azərbaycanlılarla ruslar arasındakı evlənmə hallarından çoxdur. Əski nəsilə mənsub atalar öz arvadlarına əksər hallarda “uşaqların anası”, daha sonralar “bizim xanım” deyirdilər. İndi isə ər-arvad bir-birinə “yoldaş” deməkdədirlər. Ailə münasibətlərində müəyyən dəyişikliklər olmuşsa da, bunun nədən ibarət olduğu haqqında uzaqdan hökm vermək müşküldür. Mübaliğələndirilmiş bir optimizmə qapılmaq təhlükəlidir. Mənəviyyat və siyasət sahəsində özünəməxsus mənfi təsirləri ilə bolşevizmin müəyyən izlər buraxmadan keçəcəyini düşünmək əlbəttə xatalı bir hərəkət olardı. Ictimai təbəqələrlə siniflər arasındakı fərqlərin aradan götürüldüyünə ağlamayacağıq. Ailə ocağını sağlamlaşdırmaq lazımdır və bizə görə buna imkan vardır. İnsan qüvvələrinin görünməmiş dərəcədə istismar edilməsi, şübhəsiz, xalqın vücudunu müdhiş surətdə halətdən salmış və ümumi sağlamlığı zədələmişdir. Bunu hərbi əsirlər üzərindəki müçahidə ilə təsdiq etmək mümkün oldu. Lakin eyni zamanda, az əhəmiyyəti olmayan bir qazanc da əldə edilmişdir, - əski nəsildə nöqsanlı olan əmək intizamı. Azərbaycandakı bolşevik dövründə həyata keçirilmiş əsgəri mükəlləfiyyəti də gəlirlər qisminə yazmaq gərəkdir. Azərbaycanlılar çarlıq dövründə bu mükəlləfiyyətdən azad idilər. Keçmişdə Qızıl Orduda olmuş, indi isə alman ordusunda legioner olan birisi, ümumiyyətlə, əsgərin millətlərin həyatındakı rolu və əhəmiyyəti barəsində və xüsusilə, bizim əsgərlərin oynayacaqları rol haqqında mənimlə etdiyi söhbətdə bu sözləri söylədi: “Biz indi universal əsgərik; iki böyük orduda ən kəskin hərbi intizam gördük və tarixin ən qanlı bir müharibəsində ölümlə qarşılaşaraq təcrübələr keçdik. Hər millət öz azadlığını yalnız mübarizədə qazanır. Biz xalğımızın tarixən böyük məsuliyyət daşıyan mübariz kadrlarını təşkil edirik. 1918-ci ildə Azərbaycan xalqı bizim kimi hərbi təcrübə görmüş kadrlara malik olsa idi, şübhəsiz, məmləkətimizin tarixi tamamilə başqa cür inkişaf edəcəkdi”. Keçmişdə bir müəllim, indi isə bir legioner olan bu zat söhbətimizdəki səmimilikdən cəsarətlənərək monoloqunu bu sözlərlə bitirdi: “İçinə düşdüyümüz bu böyük müharibənin necə bitəcəyini nə buradakı Hitler, nə də oradakı Stalin bilirlər. Lakin tarixi təcrübələrdən öyrəndiyimiz bir şey vardır ki, o da bu kimi hadisələrin sonunda millətlərin öz haq və azadlıqlarına qovuşacağıdır. Emin bəy mənə üz tutaraq dedi ki, siz burada, yabançı torpaqda qonaqsınız, imkanınız çox məhduddur. Sizdən burada çox şeylər istəməyə haqqımız yoxdur. Sizdən istəyəcəyimiz şey öz torpaqlarımızdadır. Haq da, vəzifə də oradadır...”. Legioner formalı müəllim, bolşevik istilasına uğrayan Azərbaycanı tərk edərkən, vətəndə qoyub getdiyim hələ 10 yaşa çatmamış nəslə mənsub bir adamdı. Keçən 26 illik qorxunc bir ayrılığa baxmayaraq, aramızdakı mənəvi əlaqənin bu qədər sağlam qaldığına və qarşılıqlı anlaşmanın bunca səmimiliyinə nə qədər sevindiyimi təqdir edə bilərsiniz. Bundan otuz iki il əvvəl qırmızı istiladan sonra vətəndən xaricə gedən və muhacirət həyatında Azərbaycan davasını fikrən müdafiə və siyasi cəhətdən təmsil edən emiqrasiya ilə içində müdhiş işgəncələr və təzyiqlər altında yaşayan yeni nəsil bir-birini anlamaq qabiliyyətindədir. Nəsillər arasındakı mənəvi əlaqə qırılmamışdır. Əski nəslə mənsub milli mühacirətin şüurlu qismi tərəfindən təmsil olunan siyasi proqramın milli həmrəylik, ictimai ədalət və siyasi istiqlaldan bəhs edən üç əsası yeni nəslin ictimai və siyasi şüurunu müəyyən edir. Yeni mühacirətin siyasi düşüncəli qismi siyasi etiqadımızın yuxarıdakı “üçlü” ümdəsini böyük bir sevinc və vicdan rahatlığı ilə xəbər alırdı. Onlar qırmızıların siyasətinin, milli mühacirəti ictimai irtica ilə siyasi təhqir nümunəsi kimi tanıtdığının yalan və böhtandan ibartət olduğunu görürdülər. Milli Azərbaycan Respublikasının yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür. Əski və yeni mühacirətin ilham qaynağı 1918-ci ildə elan olunan istiqlal bəyannaməsindəki demokratik əsaslardır. Əldə edilmiş milli istiqlalı yenidən qazanmaq əvvəlki kimi, yeni nəslin də idealıdır, lakin bir şərtlə: yenidən qurulacaq Azərbaycanda əski ictimai uyğunsuzluğa, siyasi haqsızlıqlara meydan verilməyəcək, sosial həmrəylik və ədalətin təmininə xüsusi əhəmiyyət veriləcəkdir. Xanımlar, bəylər! Tarixdən gələcək təhlükəni görən Stalin müharibədən əvvəlki illərdə öz rəhbərliyinə müxalifət təşkil edəcəkləri ehtimal olunan bütün ünsürləri “təmizlədi”. Azərbaycanda bütün zərbə ictimai və siyasi həyatın hər sahəsində milliyyətçilərlə milli sapıntıçılara dəydi. Bayaqdan dediyimiz sözlərdən göründüyü kimi, Azərbaycanda “sosializm”in zahirən “türkizm” üzərində qələbəsi təmin olunmuşdur. Rus bolşevizmi Azərbaycan millətçiliyi üzərində qələbəsini bayram edir. Yabançı totalitarizm yerli demokratiyaya qələbə çalmışdır. Lakin bu, məsələnin sadəcə zahiri tərəfidir. Həqiqətdə isə mübarizə hələ bitməmişdir: onun müqəddəratı müasir şəraitdə dünya miqyasında cərəyan edən böyük mübarizənin müqəddəratı ilə bağlıdır. Azadlıq və demokratiyanın son qələbəsi müqəddərsə*[2] (buna qətiyyən şübhəmiz yoxdur), o zaman 1918-ci ilin 28 mayında hüquqi ifadəsini tapan Milli Azərbaycan Respublikasının həyata keşirdiyi azadlıq və istiqlala yenidən qovuşacağı, əlbəttə ki, həqiqət və müqəddərdir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/resulzade-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1955). Public domain (author died 1955). Original text only.