Məqalələr Məhəmməd Əmin Rəsulzadə (1884–1955) M.Ə.Rəsulzadənin Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi Həzarat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin güşəsindən bugünkü hali-övzamızdən, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə fiiftar olmasından şikayət etdi. Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o təklif ediyordu ki, rəislərimizə yalvaraq, yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsaz olsunlar. Heyhat! Möhtərəm natiq səhvdədir. Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşlar. Biçarə cəmaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da cəmaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaət özü-öz azadlığına gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olamaz. Çün həmişə qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də qəssab onun bu naləsinə baxmaz. Ancaq öz işinə məşğul olar, başınkəsib dərisin soymağa, ətin çəkib taraş etməyə çalışar. Iştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz. Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər. Iştə bu yolda da təşyiinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bi qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı və vaxt müsaidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram. Həmin bu maarif mücahidi olan piri-rövşənzəmirə xitabən cəmaətin maarifmənd və mütərəqqi olduğunu özünə məslək tutan “Nicat” maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat allah sənə rəhmət eyləsin!! * * * Əlimərdan bəy Topçubaşının məzarı başında nitq Xanımlar, bəylər! Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyyətinin sayğılı başçısını msafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq. Parlemonta rəisi, Nümayəndə Heyyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanlar zikretməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir. Yetmiş beşi haqlayan yaşını, heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!... Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaçi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əlimərdan bəy meydana çıxmışdı. ... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilinixatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər. Eyni zamanda şübhə etmirəm ki, birləşik müstəqil Qafqasya da öz hürriyət baratında (fərmanında) imzası olan sayğılı mücahidini unutsun! ... Budur sənə söyləyəcəyim son söz! ... Sənə bizlərdən minlərlə rəhmət ! ... Sənə bizlərdən minlərlə hörmət!! ... * * * Hümmət və qeyrət vaxtıdır İlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq. Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm. Peyğəmbərimiz həzrətləri tərəfindən yetişən hədislərdən: Söylədi peqğəmbər ol xətmi rüsul Bu hədisi ol vəliyyü-cüzvü-küll: Öyrən elmi məhdidən ta ləhdəcən, Ta ki, hər dünyadə ol sən mümtəhən. Elmi qismi ikidir, ey bül-vəfa Bu hədisi çünki söyləyib Müstəfa: Elmi əbdan əvvəl sən eylə yad, Elmi ədyandır biri ey xoş nəjad. Talibi olgilən, sən, ey əziz! Alimi-Allah, olur Əbdüləziz. Məqsədi-əsliyi-peyğəmbər budi: Ütlubu-l-elm vəlo fis-sin, dedi. * * * Əsli və Kərəm Milli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı. "Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir. Müsəlman operasının aktyorları həqiqətən gözəl oynayırlar. Və kim nə deyirsə-desin Üzeyir bəy Hacıbəyovun təlif etdiyi əsərdə bir zövqi-ədəbi və musiqi vardır. Xıncaxınc dolmuş olan teatrda oyunun və musiqinin məharətlə ifası nəticəsi olaraq müsəlman tamaşaçılarına xas olan bir səs və bir səda da yox idi. Hər kəs valeh olmuş, hər kəs Kərəmin o lahuti eşqinə mütənasib ahəngi nəqəmatə candildən bənd olmuşdu. "Əsli və Kərəm" bir yerə cəm etmiş olduğu Şərqi və Qərbi nəğmələrdən başqa mənə bir şey nöqteyi-nəzərindən daha çox yarındı. Bu da orada mühüm bir yer tutmuş olan "türk havası"dır, saz havası. Çox təəssüf ediyoram ki, toylarımız milli saz aşıqlarımızın əlindən çıxıb gürcü ğəzzallarına və gürcü zurnaçılarının düdüklərinə giriftar oluyor, bunun intiqamını mən keçən cümə gecəsi Sarabskinin Kərəm sifətilə oxuduğu türk havaları ilə alıyordum. Və əgər mümkün olsaydı qalxıb xalqa deyəcəydim ki: Görünüz bəyənmədiyiniz milli aşıqlanmızın havası nə qədər dilrübadır, nə qədər cazibdir. Milliyyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındaki nəğmələrdə o qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər. Zənn ediyoram ki, möhtərəm musiqarımız Üzeyirbəyin milii nəğmə xanlarımız olan saz aşiqları ilə milii romanlarımız olan aşıqları ilə milli romanlarımıız olan aşıq hekayələrini daha ziyadə tədqiq edəcək olurlarsa əsli turk aləmində payıdar ola biləcək əbədzində əsərlərini bundan sonra yazacaqlardır. Bunun üçün əlbəttə lazımdır ki, lazım gələn elmlərlə silahlandıqdan sonra Peterburqu tərk ilə Qafqasiyaya gəlsinlər və burada kəndləri gəzmək surətilə millət ruhu və millət musiqisilə aşina olsunlar. Əlbəttə boylə də edəcəklərdir * * * Dedik ki, oyun gözəl keçdi. Hər şeydən əvvəl Müslüm bəyin məharətlə idarə olunan musiqi dəstəsinin bir ahəngi-tam ilə icra olunduğunu qeyd edək. Bunu görmək və bunu hiss etmək üçün — Əhməd oğlu da eşitsin — əlbəttə musiqişünas olmaq gərək deyildir. Necə ki, bülbülün ahəng havasından həzz duymaq üçün musiqişünas olmağa lüzum yoxdur. Aktyorların oyunlarına və oxumalarına söz yoxdur. Hamısı vəzifələrini hüsn ifa etdilər. Sarabski məsəlinki, aşiq rollarını oynamaq üçün xəlq olunmuşdur, — nəzərə elə gəlirdi ki, o ancaq Məcnunu yaxşı oynayır, görüldü ki, Kərəmdə də müvəffəqiyyəti tamdır. Padşah rolundakı Qoca Mahmudov da yerində idi. Keşiş rolunu ifa edən Tanrıquliyevin gözəl və dəyərli surətdə ifayi-vəzifəsi deyə biliyoram ki, müvəffəqiyyətin canlı bir nümunəsidir. Tanrıquliyev tam bir aktyordur, rus səhnələrində gördüyümüz iqtidarlı aktyorlardan. Əsli rolunu oynayan cənab Məhəmmədzadə bəd oynamadı. Fəqət bunu Leyli rolunu oynayan Əhməd Bədəlbəyov oynasaydı daha gözəl çıxacaqdı — zənnindəyim... Sofi, Rəmzibəy və Şeyx Nurani rollarını ifa edənlər də birər qiymətə malik idilər. Xor həmişə və hər yerdə olduğu kimi burada da gözləndiyi qədər mükəmməl deyildi. Hələ arvad xoru çox zəif idi. Çünki, məlum səhnəmiz bu xüsusda hələ naqisdir... Mənzərə və qiyafələrə gəlincə yenə şikayət edəcəyəm. İsfəhan padşahının müqərrəbi olan keşişin bağında qoyulan Roma heykəlləri artıq idi. Bağ dəxi vaxt və vəqəəyə uymayacaq dərəcədə müasir idi. Erməni deyə ortaya çıxarılan kəndlilərin nədənsə hamısı saqqallı idi. İçlərindən birisi çaşıbda saqqal qoymamış və yaxud təsadüfən aralarına müsünni birisi girməmişdi. Keşiş bir erməni terterindən ziyadə bir rus popuna bənzədilmişdi. Hələb diyarı yolu üzərində ərəblərlə bərabər Kərəm ilə yoldaşına təsadüf edən qızların qiyafəsi Ərəbistan mənzərəsindən ziyadə Cənubi Rusiya həyatına işarə ediyordu. Sanki bir xutordan gəlmiş xaxol qızlarıdır. Sonra bir səhvi dəxi haman qızlarla, haman ərəblər eynən Hələb şəhərində də görünüyorlar. Bu olsa-olsa ancaq altı aylıq yolu bir göz yummada təyy etdirən Şeyx Nuraninin nəfəsilə ola bilər. Sofinin başına qotazlı fəs qoymaq da bica idi. Paltarı da bir az sadəcə olsaydı Sofiyana olardı. Sofi madam ki, bir İran sofisidir, başına dərvişvari bir sərpuş qoysaydı daha müvafiq olardı. Qəbulumuzdur ki, müsəlman səhnəsinə məxsus müsəlman teatrosu olmasa mənzərə və qiyafələrdə həmişə bir nöqsan göruləcəkdir. Fəqət buda var ki, rejissorlar bir az diqqət etsələr bir çox nöqsanların azalması dəxi mümkündür. Ələlümum keçən cümə gecəsi oynanılan "Əsli və Kərəm" operası tamaşaçılardan hər kəsi məmnun qoyduğu kimi, məni də məmnun etdi. Pərdələr arasında gələcək həftələrdə "Evlikən subay" ilə "Arşın mal alan" operettalarının oynanılacağı dəxi elan olundu. Demək opera diringiləri başlıyor. Fəqət nə olaydı da bundan sui-istifadə olunmayaydı. * * * Mirzə Fətəli Axundzadə (məqalə) Bundan 77 il öncə, 28 Şubat (fevral) 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr (azad) düşünmə tərzinin ən böyük bir müməssilidir (nümayəndəsidir). Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha (məhv) və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu (kiçildilirdi). O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit (bərabər) olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı (dəyişdirilməli), müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili (əvəzetmə, dəyişdirmə) surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz (misilsiz) və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla (həyasızlıqla), Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif (təqdim edən) edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu (boşboğazlığını), ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə (tayı-bərabərinə) rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini (tərifini) verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd (canı ilə bağlı) olan isxolastik (orta əsr) təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla (totallığı ilə) Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi (rəvac verdiyi) rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır (sürgün düşərgələridir). Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca (məzmunca) da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz! * * * Kitabxana.az · https://kitabxana.az/collections/resulzade-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1955). Public domain (author died 1955). Original text only.