Nitqlər Məhəmməd Əmin Rəsulzadə (1884–1955) Azərbaycan Parlamentinin Açılışındakı Nitq Möhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar * * * Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal! Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular. Rəisi olmaq şərəfiylə fəxr etdiyim Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamədə özcümlə bu maddələr vardır: Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Azərbaycan dövlətinin idar şəkli xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi münasibətlər qurmağa əzm edər. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər. Demokratiyanın bu yüksək əsaslarını həyata keçirmək üçün qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə, hərbdən və hərci-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabita və ədalət müəssisələri quruldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyasıyla təmasa gəlindi. Qonşularla iyi münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Amerika tərəfindən cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzalarıyla müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə Türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl ordunun üstün qüvvələrilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəsiylə savaşdı; fəqət, heyhat, məğlub oldu! Nəticədə milli ordunu dağıtdılar, milli münəvvərləri kəsdilər, milli sərvəti yağma edərək, Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləştirdilər. Tarixin ən qəddar istibdadını quran bolşeviklər sovet rejimine utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar! Mədəni dünyadakı gerçək demokratiyalarda insan azad bir vətəndaşdır. Hər vətəndaş düşündüyünü qorxmadan söylər, yazar və bunları yeritmək üçün cəmiyyətlər qurar. Əcəba, NKVD qorxusu olmadan düşüncələrinizi açmaq cəsarətini göstərə bilirmisiniz?... Əsla! Köylülər torpağa, işçilər fabrikə zəncirlənmiş, hərəkət və səfər haqqından məhrum kölələr halındadır. Briqadirlərin əmrləri altında canınız çıxanacan çalışdığınız halda qarnınız doymur, yarıac və yarıçılpaq səfil bir həyat yaşayırsınız. Ziraət və ekonomiya sistemi məmləkətin deyil, müstəmləkəçi Moskva ağalarının mənfəətlərinə görə ayarlanır, müqəddəratınız onların keyfinə və kaprizlərinə bağlıdır. Ən böyük idarələr, bilxassə məmləkətin ana gəlir qaynağı olan neft idarəsi Moskvanın əlindədir. Cümhuriyyətin paytaxtı Bakı dövlət içində bir dövlətdir. "Baksovet"in büdcəsi Moskvada təsdiq olunur. Azərbaycan hökumətinin, Bakıya, təəllüq edən qərarları üzərində, onun veto haqqı vardır. Azərbaycan ekonomisi xalis bir müstəmləkə ekonomisidir. Ekonomi baxımından Rusiyaya tabe olan Azərbaycan, siyasətcə dahi Moskvanın köləsidir. Sözdə müstəqil sovet Azərbaycanın idarəsi işdə tamamilə rusların əlindədir. Azərbaycanı guya idarə edən Azərbaycan kommunist partiyasının həqiqətdə Rusiya Kommunist Partiyasının vilayət şöbəsindən başqa bir şey deyildir. Ümumi katibləriniz əksəriyyətlə Moskvadan təyin olunurlar. Azərbaycan kommunist partiyasının tarixi milli əyinticilərdən təmizlənmənin tarixidir. İl yoxdur ki, partiya sıraları milliyyətçiliyə meyl edən azğınlardan, nasional-burjualardan və yabançı ajanlardan təmizlənməsin. Azərbaycanı Moskva hesabına sovetleştirmədə bu qədər xidmət ve yararlıqları keçən yerli məşhur kommunistlər belə, kommunizmin amansız düşməni millətçi-müsavatçılara qapılmışlar bəhanəsiylə təmizlənmədilərmi? Sovetlərin Azərbaycandakı icraatı qədər qanlı bir icraat təsəvvür oluna bilməz. Kollektiv ziraət planlarını baltalamaqla töhmətləndirilən köylülərin uğradıqları qanlı və amansız təqibin faciəli dastanı məşhurdur. Bu faciə hələ davam etməkdədir. Bundan başqa millətçilik, sovet əleyhdarlığı və başqa növüdən töhmətlər üzündən yapılan həbslər, sürgünlər və edamların sayı hesabı yoxdur. Bu baxımdan işçilərin halı köylülərdən geri qalmadığı kimi münəvvərlərin halı da onun kimidir. Bütün bu hallarla bərabər barı Azərbaycan kultur həyatına əl dəyilməsə, bu sahədə olsun istiqlalınə azacıq da olsa hörmət göstərilsəydi. Heyhat, ekonomisi ilə siyasəti azad olmayan bir məmləkətin kulturunu rahat buraxırlarmı heç? Sovet istilasının qəhredici icraatı əsl bu sahədədir. Milli kulturumuz tarixi ana köklərindən, türklük və müsəlmanlıq camiəsindən tamamilə qaydırılmış, kommunizmin ideologiyasına uydurulmuşdur. "Leninin milli siyasətinə" görə kulturun içi kommunist, dışı milli olacaqdı. Azərbaycanda bu formul da dəyişdi. Yazımız rus hərflərilə yazdırılmağa başladı. İstilahlar da ruslaşdırıldı. Tarix anlayışı bolşevik partiyası tarixinin dar çərçivəsi içinə alındı. Milli ənənələr, bayramlar mən edildi. Artıq hər şeydə, içdə də, dışda da, mənada da, ləfzdə də rus kommunizmi bir nümunə oldu. İndi böyük rus millətinə yumaq, ona sitayiş etmək bolşevizmin dini fərizələrindəndir. Çarlıq Rusiyasında olduğu kimi, bolşevik Rusiyasında da ruslaşdırma dəyişməyən bir siyasətdir. Milli kultur qüvvətlərimiz amansız surətdə məhv edilir, ən böyük şairlərimiz, ən böyük mühərrirlərimiz, ən məşhur və sevimli camaat adamlarımızın adları artıq söylənməz oldu. Hamısı ya sürüldü, ya öldürüldü. Yeganə qəbahətləri milli kulturuna bağlı qalmaqdı. Müstəqil bir millətin azad oğlu qalmaq cəsarətini göstərmək indi ölümlə cəzalandırılan ağır bir günahdır. Bütün bu təcavüzlərin yanında millətin dini müqəddəratına yapılan təcavüzləri də unutmamalıyıq, məscidlərin anbar və samanlıq halına gətirildiyi ilə hakimi din adamlarının mənəvi işgəncələrə tutulduqları məlumumuzdur. Halbuki, mədəniyyət dünyası belə bir təcavüzə təhəmmül etməz. Bu dünyada insan ilə Allahı arasındakı münasibətə müdaxilə etmək kimsənin həddi deyildir. Vicdan hürriyyəti, insanın əlindən alınmayacaq müqəddəs bir haqdır. Əziz vətəndaşlar, bilirəm ki, aranızda azad yaşayan, nə fikir, nə sənət, nə siyasət, nə də din adamı yoxdur. Bunlar ya şəhadət camını içmiş, ya da nəticəsi ölümlə bitəcək sovet sürgün düşərgələrində təhəmmül edilməz şərtlər içində son günlərini yaşayırlar. Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Çevrənizdə sizi dış aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı, bolşevik propaqandaçıları, sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayın qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz özlərini idarə edirlər. Məsuddurlar. Azaddırlar. Demokrasi idarəsi hər cürə qorxudan və zorlamadan azad bir idarə sistemidir. Bütün bu dünya bu sistemə tabe olmadıqca, insanlıq rahatlıq üzü görməyəcəkdir. Bolşevizmin faşizmdən geri qalmayan, demokratikliyi danan qəddar və zalım rejimi baqi qaldıqca, nə insanlara azadlıq, nə də millətlərə istiqlal nəsib olmayacaqdır. Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan hürriyyət bəyannaməsi elan etmişlərdir. Bütün dünyanın səadəti kimə, Azərbaycanın xilası da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm – İnsanlara azadlıq, Millətlərə istiqlal! * * * Amerikanın səsi radiosunda Aprel işğalının 32 illiyi münasibəti ilə yayımlanan xitab Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir. Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş. Xalq idarəsi, xalq üçün, xalq tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və nəşriyyatı manapol altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər ki, bundan 32 il əvvəl aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi" isə Rusiya sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl ordunu Azərbaycana göndərmişdir. Halbuki həqiqət tamamilə bunun əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir. Bolşeviklərin 31 ildən bəri hər il 28 Apreldə təntənə ilə bayram etdikləri hadisə bu hadisədir. İstila hadisəsinə onlar istiqlal deyirlər. Burada bir xalq hökuməti deyil, xalqı əzən bir diktatorluq quruldu; buna "fəhlə diktatorluğu" dedilər, amma yalan: bu fəhləni də əzən bir diktatordur. Bu, Azərbaycan Xalqının 34 il əvvəl 28 Mayıs 1918-də başından atdığı yabançı istilasının yenidən daha qorxulu şəkildə geri dönməsindən başqa bir şey deyildir. Azərbaycanlılar! Sizi bu gün azadlığınızdan etdilər; söz, yazı və yığıncaq həddini əlinizdən aldılar. Azadlıq, burjua boşboğazlığıdır dedilər. Bəylərdən torpaqları, sahiblərindən fabrikaları aldılar. Bir qisminizi kolxozlara, bir qisminizi də fabrikalara zəncirlədilər. Sözdə kapitalizmi qaldırdılar amma, işdə dövlət kapitalizminin əsirləri oldunuz. Bir dilim çörək üçün briqadirlərin qamçıları altında canınız çıxasıya çalışdırıldınız; fəhlə olanlarınız fabrikalara bağlı qullar halına düşdünüz. Komissarların və partiya böyüklərinin gözəl yaşayışları ilə zəhmətkeş xalqın halını bir tutuşdurunuz. Bu idimi sizə vəd edilən bərabərlik? Dəmir pərdə ilə xarici aləmdən ayrılmış bir vəziyyətdə olan sizləri bolşeviklər min cürə yalan və palanlarla idarə edirlər: bütün dünya əsir ikən siz azadmışsınız; bütün dünya acikən siz toxmuşsunuz; hər tərəfdə müsavatsızlıq və hərc-mərc variykən Sovet Azərbaycanında nizam və intizam varmış. Sovet Azərbaycanı Cümhuriyyəti bütün dünyaya və ələxüsus Şərqə nümunə bir Cümhuriyyət imiş! Bu nümunə Cümhuriyyətdə kultura inkişaf edirmiş: "formaca milli, məzmunca sosialist" proletariat kulturasından sizə çox bəhs edirlər: formaca milli olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır, yalnız hərflər deyil istilahlar da ruslaşdırıldı. İslami və Avropalı istilahlar işlətmək indi yasaqdır. Kommunizmin müqəddəs dili Ruscanın istilahlarını işlətmək məcburidir. Formanın ruslaşdırılmasından sonra sıra məzmuna gəldi. İndi sosialist olacaq məna da ruslaşdırılır. Tarixdə ideallaşdırılacaq qiymətlərdən insan azadlığını və milli istiqlal hadisələrini deyil, rus imperializmini təmizə çıxaracaq misallar verilməliymiş. Bütün dünyada milli istiqlal qəhrəmanı deyə tanınan Şeyx Şamil dünən alqışlanan bir sima ikən, bu gün mənfi bir tip olur. Azərbaycan xalqının, şücaət, cəsarət, fədakarlıq, igidlik və vətənpərəstlik hisslərini qıcıqlayan "Dədə Qorqud" hekayəsi dünən faydalı bir əsərdi, bu gün zərərli görünür. Çünki indi Sovet imperializmi çarların getdiyi böyük rusluq yoluna düşmüşdür. Böyük şairlərimiz, ədib və yazıçılarımız əksinqilabçı deyə meydandan qaldırıldılar. Millətin şanlı keçmişiylə az çox əlaqəsi olan əsərlər kitabxanalardan yığışdırıldı. Sadə (təkcə) milli Azərbaycan dövrünün və Türk Mədəniyyət Tarixinin həqiqi müəssəsələri deyil, Azərbaycanın sovetləşdirilməsində tarixi rol oynamış adamların adları belə çəkilməz oldu. Doktor Nəriman Nərimanov 27-28 Aprel hadisəsinin qəhrəmanı idi. O, Azərbaycan inqilab Komitəsinin rəisi sifəti ilə, Qızıl ordunun süngüləri arasında iş başına gəlmişdi. İsminin Sovet istilasını pərdələnməsinə razı olmuşdu. Azərbaycandan Moskvaya yollanan gəmilər və vaqonlar dolusu qarət və qənimət mallarını o, yoldaş Leninə hədiyyə deyə sadiqanə nitqləri ilə yola salmışdı. Bütün bunlara baxmayaraq, bir az sonra, onu suyu sıxılmış limon kimi atdılar, milli əyintiçiliklə töhmətləndirib Moskvaya sürdülər. Ömrünü orada bitirdi. Başqa bir çox komissarlar da eyni aqibətə düçar oldular. Məsələn: Azərbaycanın sovetləşdirilməsində, birinci gündən etibarən, milliyyətçilik ilə Panturanizmə qarşı amansız surətdə mücadilə edən və Karl Marksın Kapitalının Azərbaycan türkcəsinə tərcümə edilməsi münasibəti ilə "türkcənin şərəfləndiyindən" bəhs edən Ruhulla Axundov, panturanizmin zəhərli bir nümayəndəsi və milliyyətçi Müsavat partiyasının zavallı bir agenti deyə günahlandırıldı. Sovet dərs kitablarında panturanizm ilə panislamizmin "qaçaq fikirlərini" böyük bir diqqətlə arıtlamağı özünə müqəddəs vəzifə sayan və bir çox vətəndaşlarının qanına girən Əli Heydər Qarayev, sonra millətlər arası faşizmin nacins bir nökəri deyə ifşa edildi. Milli Azərbaycan Hökuməti əleyhində konspiraisyonu ilə məşhur olan 1921-də Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov İnqilab Məhkəməsinin qərarı ilə, Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı bir üsyan qüvvətinin başında durmaq töhməti ilə ölüm cəzasına məhkum oldu. Bu cürə misallar söylənməklə bitməz!.. Xalq üçün, qətiyyən deyil, ancaq qızıl Moskva ağaları üçün idarə olunan Sovet Azərbaycanında xalqa azacıq yaxınlıq göstərən insanlar Stalinin dövründə bir xalq düşmənidir. Vaxtilə Sovet rejiminə böyük yararlıqlar göstərən bir çox yerli kommunistlərə "xalq düşməni" damğasını vuraraq hamısını silib süpürdülər. O qədər ki, bu gün münasibəti ilə nəşr olunan Sovet qəzetələrində, yubleyi yapılan Aprel inqilabı qəhrəmanlarının elan olunan siyahısında yerli tək bir ada rastlana bilməz. Azərbaycandakı Sovet inqilabının yeganə qəhrəmanı Qızıl ordunun komandanı Stalindir!.. 32 ildən bəri üstünüzə qanlı kabus kimi çökən rejim, milli qəhrəmanı olmayan, Xalqın içindən çıxmış rəhbərdən məhrum olan bir rejimdir. Yabançı və yalançı bir rejim!.. Bu sürgünlərin, həbslərin, ölüm lagerlerinin və ardı - arası kəsilməyən qanlı təmizləmələrin, Allahı tanımayan, dinsiz, imansız, zalım NKVD-çilərin rejimidir. Belə bir rejimin hakim olduğu bir yerdə, azadlıq dünyasından gələn bir səsi eşitmək əlbəttə qolay deyildir. Bu çətinliyi bildiyimiz halda səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə bu günkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki: bolşeviklər, Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklerinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!.. Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nihai qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!.. * * * Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət Əziz vətəndaşlar! Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi. Bu əzmi ona oyanan tarix təlqin edirdi. Mənsub olduğu türk və müsəlman mədəniyyətindən böyük ölçüdə faydalanan Azərbaycan bu mədəniyyətə öz tərəfindən daha da böyük dəyərlər əlavə etmişdir. İran ədəbiyyatına Nizamilər, türk ədəbiyyatına Nəsimilər və Füzulilər verən Azərbaycan oyanan çağdaş Şərqə də Mirzə Fətəli Axundzadələr kimi dahilər bağışlamışdır. Məmləkətin hər tərəfini bəzəyən memarlıq abidələri böyük keçmişimizin dəlilləridir. Tarixdə böyük istilalara qarşı mətanətlə duran Azərbaycan Şirvanşahlar, Atabəylər və xanlıqlar dövründə siyasi istiqlalına malik olmuş və bu yolda qəhrəmanlıqlar göstərmişdir. Azərbaycanın 19-cu əsrin əvvəllərində Rusiya çarlığına qarşı etdiyi mücadilə isə həyacanlı səhnələrə malikdir. Cavad xanın rus istilaçılarına qarşı “Ölmək var, dönmək yoxdur” deyə şəhid olması Azərbaycan mərdliyinin bir rəmzidir. Tarixin hər dövründə qabaqcıl fikirləri mənimsəyən Azərbaycan xalqı əsrimizin hakim ideologiyasına uyaraq qurduğu müstəqil dövlətə cümhuriyyət şəklini verdi. Türk və müsəlman dünyasının birinci cümhuriyyəti Milli Şura tərəfindən nəşr olunan İstiqlal Bəyannaməsindəki ana prinsiplər üzərinə quruldu. Bu prinisplərə görə: 1. Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tamhüquqlu bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xüsusilə ətrafdakı qonşu millət və dövlətlərlə səmimi münasibətlər qurmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlara siyasi və mədəni hüquqlar təmin edəcək. İnsanlıq tarixinin qabaqcıl fikirlərini təşkil edən bu əsasları həyata keçirmək üçün fəaliyyətə başlayan milli Azərbaycan hökuməti iki il yaşadı. Bu qısa müddətdə o, məmləkətdə əsgəri, idarəetmə, iqtisadi, ictimai və mədəni müəssisələr vücuda gətirdi. Yüz ildən bəri əsgərlikdən məhrum edilən Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında idarəçiliyə yaxın buraxılmayan azərbaycanlılardan zabit qüvvələri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Xalqı öz dilində oxutmağa başlayaraq türkcə məktəblər açdı. Türkcəni dövlətin rəsmi dili etdi. Orta və ali məktəbləri türkləşdirdi. Hökumət idarəsini Qərbi Avropa üsulunda qurdu. Hökumət Millət Məclisi qarşısında məsul idi. Milli hakimiyyət Məclisin əlində idi. Qonşu və Avropa dövlətləri ilə yaxşı münasibətlər təsis etdi. Nəhayət, böyük Avropa dövlətləri ilə Birləşmiş Amerika Ştatları tərəfindən Azərbaycan dövlətinin istiqlalı tanındı. Çarlığın yerini tutan bolşeviklər Rusiya imperatorluğunu yenidən diriltməyə başladılar. Lenin və Stalin imzaları ilə bütün məhkum millətlərə tam istiqlal vəd etdikləri halda, bunlar qurtulan millətləri yenidən Rusiya həbsxanasına girmək üçün zorladılar. Bu məqsədlə hər tərəfdə təcavüzə keçən Qırmızı Ordu Şimali Qafqaz cümhuriyyətlərini işğal etdikdən sonra Azərbaycana soxuldu. 27 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti məlum şəkildə sovetləşdirildi. Bir ay əvvəl bolşeviklər bu bədnam istila hadisəsini, hürriyyətdən məhrum olan sizlərə bir istiqlal hadisəsi kimi göstərdilər. Azərbaycan milləti qırmızı Rusiyadan gələn bu təcavüzə qarşı çıxdı. Qanlı üsyanlar hər tərəfi bürüdü. Moskva cəlladları bütün bu üsyanları bolşeviklərə məxsus bir vəhşiliklə yatırdılar. Azərbaycandan sonra sıra Ermənistana, ondan sonra da Gürcüstana gəldi. Qafqaz qanlara boyandı. 1918-də çar istilasından qurtulan Qafqaz 1920-də qırmızı Rusiyanın əlinə keçdi. Qafqazdakı üsyan hadisələrində Azərbaycan, Ermənistan, Şimali Qafqaz, Gürcüstan mücahidləri arasında məmnunluq verən bir həmrəylik görüldü. Bunu sovet qəzetləri ilə rəsmi natiqlər belə qeyd etmək məcburiyyətində qaldılar. Bu birlik xaricdə fəaliyyətdə olan Qafqazın siyasi rəhbərləri tərəfindən dəstəklənməkdədir. Dünya inqilabından bəhs edən Moskva diktatorları ikiüzlü yalançı şüarları ilə dar dünyagörüşlü bəzi adamları asanlıqla ovladılar. Fəqət sonra görülən işləri görüb aldandıqlarını anlayan bunlardan bir qismi moskvalı yoldaşlardan üz çevirdilər. İstiqlalçı demokrat zümrəyə haqq verdilər. Moskva ağaları bunları da “inqilab düşməni” dedikləri milliyyətçi “müsavatçılar” cərgəsində tutaraq milli təmayülçülükdə günahlandırdılar və məhv etməyə başladılar. Belə ki, indi həqiqi milliyyət, demokratiya və istiqlal şəhid və məzlumları cərgəsində vaxtilə məmləkətin sovet istilasına düşməsində rolları olan adamların da adı vardır. Qırmızı istilaya qarşı davam edən mücadilə ələlxüsus milli mədəniyyət sahəsindədir. Məmləkətin yalnız siyasət və iqtisadiyyat baxımından deyil, mədəniyyət baxımından da sovetləşdirilməsinə, yəni ruslaşdırılmasına qarşı aparılan sarsılmaz mücadilədə verilən qurbanların siyahısında məşhur şairlərimizin, mühərrirlərimizin, böyük mədəniyyət adamlarımızın adları vardır. Bunların və bunlarla bərabər istiqlal mücadiləsində şəhid düşən bütün qəhrəmanlarımızın əziz xatirələrini sonsuz hörmət və sevgi ilə yad edirik. Bu vətən və istiqlal şəhidlərinin qanı əlbəttə ki, yerdə qalmayacaq! Əziz vətəndaşlar! Otuz iki ildən bəri vətənimizə qonan qırmızı canavar tarixdə görülməyən zalım və qanlı bir qüvvədir. Hər cür insani hisslərdən məhrum olan bu vəhşi qüvvə müxaliflərini amansızca əzən bir zorbadır. Zorbadır, fəqət böyük deyildir. Böyüklük mənəvi qüvvət sahiblərinin sifətidir. Bolşevik istibdadı isə bu sifətdən məhrumdur. Bu sifət yalnız hürriyyət, ədalət və insaniyyət əsaslarına dayanan bir iman hərəkatına verilə bilər. Bu isə hürriyyət və istiqlal hərəkatıdır. Dünya mədəniyyəti bir bütündür; dünya tarixi bu bütünün ən sonda hürriyyət və istiqlal fikrinin qəti zəfərinə doğru irəliləyən hərəkatın tarixidir. Amerika İstiqlal Bəyannaməsində mövcud olan bu fikir zamanəmizdə Atlantik Xartiyası ilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində də yer almışdır. Mədəni insanlığın mənimsədiyi mənəvi ideallara zidd bolşevik materializmi yıxılmağa məhkumdur. Tarixdə görünən bütün istibdadların aqibəti Stalin istibdadı üçün də qaçılmazdır. Hitlerin düçar olduğu fəlakətdən o da yaxasını qurtara bilməyəcəkdir. Bizim nəsil demokratiya ilə istibdad sistemi arasında dünya ölçüsündə cərəyan edən toqquşmanın iki dəfə şahidi oldu və hər dəfə demokratiyanın qələbəsini gördü. İndi dünya yenidən iki cəbhəyə bölünmüşdür. Bir tərəfdə sovet diktatorluğu, bir tərəfdə də hürriyyət sevən millətlər birliyi durmaqdadır. Dünya ya kommunist diktatorluğuna tabe bir əsarət ya da demokratiya əsaslarına söykənən bir hürriyyət dünyasını seçməlidir. Azərbaycan milləti qarşılaşan bu iki dünya arasındakı yerini bundan 34 il əvvəl möhkəmləndirmiş, hürriyyət və istiqlal bayrağını yüksəltmişdir. Bu bayraq hər nə qədər bu gün Azərbaycan üfüqlərində görünmürsə də, onun rəmzləndirdiyi məna bütün könüllərdə alışır. Atəşli şairimiz Gültəkin bu fikrə nə gözəl tərcüman olmuşdur: İstiqlal, o sönməyən müəbbəd (əbədi) bir məşələ (məşəl), Könüllərdə tutuşar (alışar), gözlərdə sönsə belə! Könülləri 28 may fikrinin nurları ilə aydınlanan sizləri, bu fikrin maddi simvolu olan üçrəngli istiqlal bayrağını yaxalarında gəzdirən Vətəndən ayrı bütün azərbaycanlılar adından candan salamlayıram. Şübhə yoxdur, vətəndaşlar, bir gün gələcək, hürriyyət cəbhəsi müzəffər olacaq. O zaman içəridə və xaricdə həsrət və acılar duyan bütün azərbaycanlılar İstiqlal bayramını şadlıqlar və şənliklər içində bayram edəcəklər. Yaşasın hürriyyət dünyasının zəfəri! Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti! * * * Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət thumb|Müraciətin səs yazısı Əziz Vətəndaşlarım! "Amerikanın Səsi" radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün, Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda sizlərə xitab edirəm. 100 il sürən çar əsarətindən sonra, bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. Bu tarixə qədər bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır. Mədəni böyük bir tərəkəyə malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsr başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur" — bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. 28 mayıs 1918-də istiqlalını elan etməklə Azərbaycan, tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunda xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərinə qurulan Milli Azərbaycan Hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabitə və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndçilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı öz ana dilində oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələrinə cavabdeh bir hökumət üsul-idarəsi yaratdı. Hakimiyyət Millət Məclisinin əlində idi. Parlamentdən etimad almadıqca, heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmin və amanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dəxi istiqlalımızı tanıdılar. Türk və müsülman dünyasının bu ilk cümhuriyyətini qardaş və qonşu məmləkətlər dəxi tanıdılar. Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müahidələri imzalandı. 12 yanvar 1920 cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu, həqiqətən böyük bir bayramdı. Çünki, bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdur. (2) Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşir və bu, iləri dünya demokrasiyası tərəfindən də təqdir ilə qarşılanırdı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila xəyulası artıq bizdən uzaqlaşırdı. thumb|Kəsilən hissə (2) Heyhat! Qədərin imtahanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq və istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl, 28 apreldə sovet propaqandaçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə, sizə dünyanın ən azad və demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar millətdən qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər. Çünki, ağla qara meydana çıxar. Onlar şəptərə kimidirlər, günəşdən qaçarlar. Azərbaycan və onunla bərabər bütün Qafqasya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal Qızıl Rus Ordusu tərəfindən üstün qüvvətlərlə, qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasya immiqrantları milli istiqlal davasını mədəni dünya əfkarı-ümumiyyəsinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox qolay olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünyanı inqilab atəşilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət baqi qaldıqca , dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 mayısındakı tarixi qərarları ilə azadlıq denən Birləşmiş Millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür, amma onun iki üzlü sistemi stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haq ilə batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz vətəndaşlar! Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Qeydlər * * * Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı Ölülərimizi xeyirlə yad etmək mədəniyyətimizin və ictimai tərbiyəmizin ehtiyacıdır. Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək-tarixin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə dəfn mərasiminin ənənəsidir. Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində aparılan milli mücadilənin qurbanları olan azərbaycanlıları hörmətlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin xain və vəhşi bir zərbəsi ilə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir çox məqamları deməklə və mərasim borcunu ödəmək məqsədi ilə hüzurunuzda çıxış edirəm. İl 1943-dür; İkinci Cahan hərbi əsnasında, Alman Xarici İşlər Nazirliyinin vəzifəli şəxsi olan Qraf von Şulenberqin (sonradan Hitlerə edilən sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlinə getdim. Artıq Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Bu sırada "Ostministirlik" deyilən işğal altındakı Şərq məmləkətləri nazirliyində Özəl Şöbə müdiri olan prof. Von Mende vasitəsi ilə cəbhədən 8 may tarixli bir məktub alıram. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnin təcrüməsini eynən oxuyuram: "Mərhəba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlamırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "Infanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizda (Berlində çıxan "Azərbaycan" qəzeti- N.Y) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakarcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin: Ə.Düdənginski-Fətəlibəyli". Məktubda adı çəkilən Beytullah legionerlərdən məni görməyə gələn ilk dostumuzdur (indi Amerikadadır). Sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və analyışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, Nazi Alman məqamlarına bir məram anlada bilmədi. Hitler: "heine Komitee" (heç bir komitə istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında əlaqə vəzifəsini görən məhdud və müəyyən işlərlə görəvli bir "Rabitə Heyətləri" ("Verbindungstab") qurulmasını əmr etmişdi. Azərbaycan "Rabitə Heyətinin" başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər arzu edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi bildirmişdik. Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, "Rabitə Heyətinin" yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 noyabr 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin məruzəsi üzərində qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdı. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 noyabr 1943 tarixli, 47 saylı "Azərbaycan" qəzetindən eynən nəql edirəm: "1943-cü ilin noyabrın 6-da Berlin şəhərində toplanmış, cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mücahidlərinin nümayəndələrindən ibarət olan Milli Azərbaycan Qurultayı Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki: 1918-ci il 28 Mayısdan, 1920-ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur. Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədən canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqının Qafqaz qonşuları ilə qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır... Görürsünüz ki, bu maddələr milli hərəkatın o zamandan bəri qoruduğu ideyaları əks etməkdədir. Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücaiddi. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən, hadisələrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir. Buxarestdəyəm. Almanlar hər gün bir az daha geri çəkilir, özləri ilə bərabər bizlərdən də bir çox qaçqınlar Buxarestə gəlir. Bunlardan biri, indi adını xatırlayamadığım bakılı bir yurddaş, Don ətrafında, almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmişdi. Bir gün Düdənginski (Fətəlibəyli), Qızıl ordudan təslim olan bir çox azərbaycanlını özü ilə gətirmiş, bunlara yaxşı baxılmasını tövsiyə etmişdi. Bələdiyyə Başqanı onunla rusca danışmaq istəyəndə o, "Əşşi, ikimiz də Azərbaycanlıyıq, öz dilimizdə danışaq, demiş" və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azad olub özümüzü özümüz idarə etməliyik, demişdir. Hərb bitdikdən sonra müxtəlif məcaralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən maliyyələşən, Münhendə təsis edilmiş "Qurtuluş radiosu"nun Azərbaycan Şöbəsinin başçısı oldu. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhid olması münasibəti ilə yayınladığı məlumatda, onun bacarıqlı bir radio təbliğatçısı olduğunu bildirdi. Bolşeviklər özlərinə xas olan xain bir üsulla müxaliflərini sıradan çıxana qədər hər cürə vasitələrlə aradan götürmək və məhv etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayı sayılmaqla bitməz. Fəqət faydasızdır!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurula bilməz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər cürə təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, özlərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə çatmayınca müqəddəs savaşdan əsla yan keçməyəcəklər. Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da olacaqdır. "Azərbaycan", jurnalı, Ankara, 1954, N9(33). * * * Kitabxana.az · https://kitabxana.az/collections/resulzade-nitqler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1955). Public domain (author died 1955). Original text only.