Şeirlər Məhəmməd Əmin Rəsulzadə (1884–1955) Elm tərifində deyilibdir MÜXƏMMƏS Aç qulağını bir eşit bu sözlərin ey bül füzul, Elmə rağib olgilən qafildilər küllən cühul. Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul, Fəzli elmi bilgilən şərilə olmuşdur qəbul, Olmasın qafil xəlayiq eyləyib Quran nüzul. Bu təriqətdə nə qədri çəkdi zəhmət Müstəfa, Söylədi əlelmü-elmani və fis-sin bərməla. Hər necə cövr etdilər edmüb olara iqtifa, Hökm edərdi hökmü kim, hökm eyləyib ani xuda, Olmasın qafil xəlayiq eyləyib Quran nüzul. Elmilən bir vəqti də mənsur olub islamiyan, Nüsrəti-islama eylərdi təəccüb bu cahan. Bu zamanda azdı dünya içrə islami sayan, Düşmənidir qafilin ol xudayi-laməkan. Olmasın qafil xəlayiq eyləyib Quran nüzul. Öyrən elmi ləhdəcən tapşırmış ol fəxri-ənam, Mərdüzən alim olsun gərək deyibdir ol imam. Elm elindir hər nə var biz müxtəsər qıldıq kəlam, Dustudari-əhl-elm olmuş bilin rəbbül-ənam. Olmasın qafil xəlayiq eyləyib Quran nüzul. Sözlük * * * Həsbi-hal Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar. Qaranlıqdır bana dünya. Bütün dünyavü-mafiha. Diyorlar cümləsi guya: Çəkil bir yanə sakitləş! Daralı qəlb vasekən. Qaraldı şəms lamekən, Eşitmir guş samekən: Çəkil bir yanə sakitləş! Təhəmmül, səbr mümkünmü?! Həyatə cəbr mümkünmü?! Zəvali-qəhr mümkünmü?! Çəkil bir yanə sakitləş! Çıxıb əldən cilov gəlməz. Mənə yaru ədu gəlməz. Bu dərdə çarəcu gəlməz. Çəkil bir yanə sakitləş! Dolu heyrətlə hər yanım, Toxunmuş daşa peykanım. Ədu insarə ixvanım. Çəkil bir yanə sakitləş! Nə vəhşidir bəni adəm! Mücəssəm zülmdür aləm! Diyorlar cümləsi yekdəm: Çəkil bir yanə sakitləş! Çəkilməm, ey hərifan, bən Bu meydani şücaətdən! Bütün dünya bənə derkən: «Çəkil bir yanə sakitləş!» Sözlük * * * Növhə Yenə fitnə alıb meydan, Müftinlər sürür dövran. Gözəl Qafqaz olur viran. Qalır hər kəs buna heyran, Tərəhhüm eylə ya sübhan, Amandır, dada yet rəbbi! Nədir bu qan, nədir möhnət?! Ki tutmuş bizləri nükbət. Yapır «şeytan» işi nüsrət. Gedir əldən tamam qeyrət, Xudaya! Et bizə rəhmət! Amandır, dada yet rəbbi! Hökumət mayeyi ifsad, Ki qan içməklədir mötad. Bu cəngi eylədi icad, Ki etsin bizləri bərbad. İlahi sən elə imdad! Amandır, dada yet rəbbi! Tökülmüş bu qədər qanlar. Deyilmi bəs bu qurbanlar? Nə vəhşilikdir, ixvanlar! Tələf əmlak olur, canlar Olub divanə insanlar. Amandır, dada yet rəbbi! Cəmaət hiylə qurbani, Olub şad etdi «şeytani». Fəramuş etdi imani. Nəhayət sandi dünyanı. Axıtdı nahəq al qani. Amandır, dada yet rəbbi! Qədim qonşu, iki millət, Dolanmış mehrlə hər vəqt. Nə üz verdi ki, bu hörmət, Mübəddəl oldu bər xirəd? Nə dövrandır bu, nə fürsət?! Amandır, dada yet rəbbi! Sözlük * * * Kitabxana.az · https://kitabxana.az/collections/resulzade-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1955). Public domain (author died 1955). Original text only.