Tərkibbəndlər Sadıq bəy Əfşar (1533–1610) Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm, Hərifi-badəkeşi-bəzmi-sağəri-ələməm. Əlimdə cami-bəla, eşq kişvərində Cəməm, Nəzərdə gərçi gədayəm və leyk möhtəşəməm. Başımda çətri-siyəh sayəbani-ahımdur, Hücumi-dərdü bəla ləşkərü sipahımdur, Mənim ki, gəzmədi hərgiz sipehr kamımla, Müyəssər olmadı bir kam ehtimamımla, Oturmadım nəfsi sərvi-xoşxuramımla, Tamam olmadı ömrüm məhi-təmamımla. Həmişə çərxdən azardur nəsib mana Zəmanədən yetişür möhnəti-qərib mana. Nədür zəmanə işi, cövr ilə cəfa etmək, Sipehr şivəsi təğyiri-müddəa etmək, Rəqib dərdi-dilin bilməyüb dəva etmək, Məni ki, dərdi-dilim sərbəsər cəza etmək. Könül, zəmanədən incinmə, şadü xursənd ol, O aqil irməz isə, bari sən xirədmənd ol. Hilal tək fələkün cövründən xəm olsan tək, Bəlayə həmnəfəsü dərdə həmdəm olsan tək. Hərimi-cövrü cəfa məhrəmi-qəm olsan tək, Qəribü badiyəpeymayi-aləm olsan tək. Ki, əglənüb qalasan qeyr müddəasilən, Bəli, deyib gəzəsən özgələr rizasilən. Əgər ki, yarə müti olsa yar, ar olmaz, Qəbuli-xidməti-əhbaba şərmsar olmaz, Rəfiq xidmətidi, kəsri-etibar olmaz, Get-gedə sitəmin çəksə, xarü zar olmaz. Nəuzbillah, əgər süflə ola mənzurün, Günah ilə nə miqdar ola məqdurün. Şükür kim, talibi-dünyayi-dun degil könlüm. Hərifi-xəlvəti-bəzmi-cünun degil könlüm. Müqəyyədi-qədəhi-laləgun degil könlüm, Zəbuni-minnəti-xəsmi-zəbun degil könlüm. İşim həmişə qəmü dərd birlə şad olmaq, Murad tərkin edüb rindü namurad olmaq. Nə bir rəfiq ki, rəf'i-məlal edəm naçar, Nə bir təbib ki, dərdi-dil eyləyim izhar, Mənəm həmin qəmü ənduhü kəsri-səbrü qərar, Budur mana fələkün lütfü az-çox dəvvar. Nə ruzigar, nə dirilik, nə müddəadur bu, Bu işdə kari-rəva olmadum, rəvadur bu. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sadiq-bey-efsar-terkibbendler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1610). Public domain (author died 1610). Original text only.