Cığalı təcnislər Şair Məmmədhüseyn (1800–1880) Dama-dama Cığalı təcnis Ruzinə kəm baxma, naşükür bəndə, Göl olar deyiblər, a dama-dama. Aşıq, adam-adama, Gərəkdir dam adama. Yar ərişdi qəlbimə, Gəzdim qan dama-dama. Namərdə tövlə də qıyılan deyil, Yaraşar cəvahir, ləl, dam adama. Vaxt var idi, ay da məndim, gün də mən, Hər anından cah-calalı gül daman. Aşığam, bu gündə mən, Can eşidən gündə, mən. Dost yolunda bölündüm, Oldum kündə-kündə mən. Bir kəsə qıymadım yandım gündə mən, Həsrət qaldım axır bir dama, dama. Məmmədhüseynin işi düşdü çapara, Tez yetir naməni yara, çapar a… Mən aşiqəm, çapara, Düzəldildi çəp ara. Yaltağı yaxın qoyma, Arxanca hey çapar, a… Yaxşı dostu dağı-daşı çap, ara, Yorulmaz, ara, tap hey dəm a…, dəm... a. * * * Düzə gəl Günah etdin, oldum illər xəstəsi, Yaxşı-yaman bəd gətirər, düzə gəl. Mən aşiqəm, düzə gəl, At əyrini, düzə gəl. Ağ boynuna inci, mərcan, Sən də düzə-düzə gəl. İlqar-iman, əhdü-peyman yad olsa, Can yığışar topuqlardan dizə, gəl. Geyinibsən ipək, qumaş, al yenə, Yanaqların lalə kimi, al yenə. Mən aşiqəm, al yenə, Bir könlümü al yenə. Ya göstər ay camalın, Ya da canım al yenə. Busə alım, de ürəkdən, – al yenə, Şair könlüm vəsfin-vəsfə düzə, gəl. Məmmədhüseyn istər üzdə xalını, Gəl döşərəm yolun üstə xalını. Mən aşiqəm, xalını, Göstər üzdə xalını. Möhnətin üzdü məni, Gəl göstərim xalını. Gecə-gündüz arzularam xalını, Seyr etməyə çəmənə gəl, düzə gəl. * * * Ha yana-yana Baxışların bir od vurub canıma, Qalmışam çarəsiz, ha yana-yana. Aşıq deyər, ha yana? Dara zülfün, ha yana. Eşqindən səməndərəm, Cismim oda ha yana. Ümidəm, gözlərin baxa üzümə, Nə isə hey baxır ha yana-yana. Canan getdi bağçasından gül üzə, Güllər baxdı, heyran qaldı gül üzə. Mən aşiqəm gül üzə, Qoyma xoryad gül üzə. Bülbül fəğan eylədi, Endi güldən gül üzə. Kərəm yandı, həsrət qaldı gül üzə, Əsli də oduna ha yana-yana. Məmmədhüseyn, yar yuxudan oyandı, Səhər günəş camalından o yandı. Aşıq deyər, o yandı, Günəş kimi oyandı. Mənim qəlbim onadı, Onun qəlbi o yandı. Bahar gəldi, ana dağlar oyandı, Çiçəklər köksündə ha yana-yana. * * * Hey yaya Qaşı cəllad, gözü fitnə, cadukün, Bənzətmişəm məh camalın hey yaya. Mən aşiqəm, hey-yaya, Çək xətəngin hey-yaya. Əsilə canım qurban, Bədəsildən hey-yaya. İncəlmişəm dost zülfündə muy kimi, Ustadımsan çəksən məni hey yaya. Sərviboylu, mayıl oldum gül üzə, Süsən üzə, sünbül üzə, gül üzə. Mən aşiqəm, gül, üzə, Şeh düşübdü gülüzə. Dara yasəmən zülfün, Qoy yayılsın gül üzə. Naşı xoryad bağa girdi gül üzə, Tabım yoxdur mən dönürəm hey yaya. Dörd kitabdı enib ərşin üzündən, Katib oxur o kəlamı üzündən. Mən aşiqəm, üzündən, Çək rübəndin üzündən. Bədnəzəri kor olsun, Uzaq düşsün üzündən. Dedim gözəl bir busə ver üzündən, Baş buladı, cavab verdi hey yaya. Dərdin Məmmədhüseynə nümayən oldu, Sirri bu könlümdə nümayən oldu. Aşıq nümayən oldu, Üzün nümayən oldu. Açıldı məh camalın, Bizə nümayən oldu. Gözüm gözlərinə nümayən oldu, Qaşlarının bənzəri var hey yaya. * * * Tərsinə gedər Günahkar qul oldum fani dünyada, Pozulub şövkətim tərsinə gedər. Mən aşıq tərsinəyə, Tər damar, tər sinəyə. Xəstənin gözü düşmüş, Yetkin nar, tər sinəyə. Heyif cavan ömrüm yetişdi bada, Dönüb ruzigarım tərsinə gedər. Tapdılar firəngi alim içində, Oxudum dərsimi alim içində. Mən aşıq alim içində, Oxu dərsin alim içində. Dahan şəkər, dil inci, Dodaq balın içində. Arif məclisində, alim içində, Xoş olan əzbərim tərsinə gedər. Məmmədhüseyn, oxu dərsin, yaz indi, Sevdiciyim, halı gözdən yaz indi. Aşıq deyər, yaz indi, Oxu dərsin, yaz indi. Ötür şeyda bülbüllər, Budur gəldi yaz indi. Al qələmi, sal xəttini yaz indi, Oxunan dəftərim tərsinə gedər. * * * Yaxşı sına Namərd dar günündə unudar səni, Gen günündə ha düz, ha yaxşı sına. Mən aşıq, yaxşı sana, Yaxşını yaxşı sana. Qıyma pis dura-dura, Yerində yaxşı sına. Qədrini nə bilər nanəcib adam, Dost olanda əzəl bir yaxşı sına. Lazım budur, hər kəs dura yolunda, Bilə qədrin düz cığırın, yolun da. Mən aşığam yolunda, Din-ərkanın yolunda. Cızığından çıxanın, Saqqalını yolun da! Yazıq canım, nadürüstün yolunda, Azmı cəfa çəkdin, di yaxşı sına! Məmmədhüseynin düz ilqarı yaddadı, Meyli pis qohumdan yaxşı yaddadı. Mən aşığam, ya dadı, Əziz olmaz yad adı. Ancaq elə yad var ki, Demək olmaz yad, adı. Olmaz vəfasızın zövqü, ya dadı, Könül ver vəfalı, bir yaxşısına. * * * Yar, sana məni Cığalı təcnis Dərdi-hicran tapdağıdı bu könül, Bir ara, bir axtar, yar sana məni. Mən aşığam, yar sana, Gəlməz dərdim yar sana. Loğmanımsan, bağrımı, Neştər alıb yarsana? Sayılınam dərmanıma yox demə, Bir arxa, bir kömək, yar sana məni. Duman gələ, şər qovuşa qarala, Döndü yoxdu, ha yolumu qar ala. Mən aşığam, qar ala, Çatma qaşın qarala. Sən mənimsən, mən sənin, Yad çırağı qarala. Yar uğrunda yüz çovğun, yüz qar ola, Xudam yetişdirər, yar sana məni. Söz vermişdin vaxtı gəlib yetişdi, Məmmədhüseynin harayına yetiş di. Mən aşığam, yetişdi, Əhdə vəfa yetişdi. Mən gördüyüm şamama, İl dolandı yetişdi. O gün əlin yad əllərə yetişdi, Al qılıncı şaqqa yar, Sona məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.