Deyişmələr Şair Məmmədhüseyn (1800–1880) Axund Əsgərlə deyişmə Axund Əsgər Səndən xəbər alım, ay əmri maarif, O, nə idi ərşdən araya gəldi? Kimiydi meydanda durdu, çağırdı, O, nə idi mindi oraya gəldi? Məmmədhüseyn Haqq özü əmr etdi Məhəmməd üçün, Qurani-lətifdi araya gəldi. Salsaldı meydanda durdu çağırdı, Əli Düldül ilə oraya gəldi. Axund Əsgər Kim idi dünyanı bir qərəl bildi? Kim idi səhrada gəzirdi buldu? Kimiydi buyurdu, kimiydi endi? Kimiydi yanınca oraya gəldi? Məmmədhüseyn Vəssalam dünyanı bir qərəl bildi, Talibdi səhrada gəzirdi buldu. Haqq-taala əmr etdi Cəbrayıl endi, Salam da yanınca oraya gəldi. ** Axund Əsgər** Mən Axund Əsgərəm, oxuram billah, Ayətəl Quranı Səmədülillah. Söylə nədən zöhr olundu Seyfullah, Onlar hardan çıxdı oraya gəldi? Məmmədhüseyn Şair Məmmədhüseynəm, oxuram billah, Ayətəl Quranı Səmədülillah. Bir almadan zöhr olundu Seyfullah, Düldül daşdan çıxdı oraya gəldi. * * * Çobanla deyişmə Şair Məmmədhüseyn İtib mal qoyunum, sorağındayam, Dövran aman vermir, qəmxaram, çoban. Ar bilirəm evə bom-boş qayıdam, Kəsilibdi olan hər çarəm, çoban. Çoban Şair, xoş gəlmisən bizim ellərə, Qəm yemə, nəyin var taparam bu gün. Şöhrətin düşübdü şirin dillərə, Yolunda dağ-daşı çaparam bu gün. Şair Məmmədhüseyn Bir kimsəyə yaxşı-yaman demədim, Özgə malı, haram tikə yemədim. Əyyaş zəmanədi, artır xiffətim, Fələyin əlindən hazaram, çoban. Çoban Bu diyarda dağdan uca adın var, Fəxrisən hamının, demə, yadın var. Qurbandı bu sürü, budur böl apar, Oğru Qəhrəmanı tutaram bu gün. Şair Məmmədhüseyn Məmmədhüseynəm, mən ədalət istərəm, Doğru yola düz dəlalət istərəm. Oğruda, əyridə olarmı qeyrət, Çətin tapıb evə aparam, çoban. Çoban Seyfəddin çobanın düzdür hər sözü, Verər dost yolunda əllini, yüzü. Malını oğrular qaytarar özü, Ovçutək bərədə yataram bu gün. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.