Divanilər Şair Məmmədhüseyn (1800–1880) Bax Ey könül qafil olma, Əliyyi İmrana bax. Məhəmməd şəninə gələn, Ayeyi-Qurana bax. İsmayıl getdi Mina dağına, Haqqa qurban olmağa. Cəbrayıl bir qoç gətirdi, Sürməli qurbana bax. Baxgınan şeytan ləyinə, Gör Adəmə nə etdilər. Haqq-taaladan səda gəldi, Sərəncamı atdılar. Adəm ilə Həvva ana, Bir-birini tapdılar. Həvva doğdu doxsan oğul, Gərdişi-dövrana bax. Gəl biçarə Məmmədhüseyn, Aç gözün mövlanı tanı. Habil vurdu Qabili, Tökdülər nahaq qanı. Yer üzünü su götürdü, Qopdu Nuhun tufanı. Gəmisinə nicat verən, Ol Şahi-Mərdana bax. * * * Bax Bu dünyaya gələn bəşər, Lətifi qurana bax. Seymin yeddi yüz təyəmmüm elədi, Bir gecə mehmana bax. Nuh gördü heyrət etdi, Xızırda oldu qonaq. Aləmə lərzə düşdü, Bu gecə tufana bax. İftida mürsəl Məhəmməd, Fəulatın-fəulat. Padşahın yekti cahan, Həm vəkili kainat. Mustafadan-muştabatdan, İstərəm ondan nicat. Çağırram Xeyrəl-nişanı, Şafeyi dövrana bax. Şahi-Mərdan Şiri-Yazdan, Heydarı Düldülə suvar. Həm mərifət, həm təriqət, Bəxş edib Pərvərdigar. Ayeyi kəlmə içində, Şanı-şövkət onda var. Müstəqimnən əmri maarif, Lətifi Qurana bax. Dadeyi pələng badə içdim, Mən fani saqidən. Lafəta tilsim oxuyub, Hanı Xeybər dağıdan. Qıl şəfaət şahlar-şahı, Qurtar bizi yağıdan. Agah ol Məmmədhüseyn, Ol Şiri-Yazdana bax. * * * Baş endirər Aşiq olan üzdə gəzməz, Dərinə baş endirər. Hamı şagird qulluğunda, Pirinə baş endirər. Leyli Məcnunu sevdi, Hər ikisi bir-birin. Hər kəsin sadiq yarı var, Yarına baş endirər. Binamus, biqeyrət kəs, Xalis atadan əyri. Arğacından kəç qarışan, Budaq butadan əyri. Nadürüstdə kərəm olmaz, Əzəl xatadan əyri. Hər kəsin namusu var, Arına baş endirər. Məmmədhüseyn qəflətdəydi, Səda gəldi guşinə. Yüz iyirmi dörd min nəbidi, On iki imam başinə. Yoxsulluğun qaydasıdı, Dolanar var başına. Hər kəsin ki, dövləti var, Varına baş endirər. * * * Gəlmədi İki aləmin günəşi, Şahi-Cahan gəlmədi. Dolandı kəcirəftar, Mərdi-meydan gəlmədi. Mən ki, sənin aşiqinəm, Tərifin dilimdədi. Müşkülləri həll eyləyən, Şahi-Mərdan gəlmədi. Dünya oldu zimi pərəs, Heydarı Səftər hanı. Xeybəri kafi-kuf eyləyən, Fot edən bərbər hanı. Düldül, Zülfüqar sahibi, Ağeyi Qəmbər hanı. Bir ismi Qəşəmşəmdi, Şiri-Yazdan gəlmədi. Gəl biçarə Məmmədhüseyn, Bəs sənin halın nədi. Zəlil qoyma din islamı, Kafərin əlindədi. Ərşin-gürşün sahibisən, İxtiyar ki səndədi. Salsalı məhv eyləyən, Şahı rəvan gəlmədi. * * * İftida Yer-göy yoxkan yaranıbdı, Nuri-gövhər iftida. O, nura bir nəzər saldı, Pərvərdigar iftida. Tüstüsündən xəlq eylədi, Ərşi-gürşü, asimanı. Köpüyündən qərar tutdu, Yeddi qat yer iftida. Bar İlahım nəzər qıldı, Nuri-gövhər tərlədi. O, nurdan bir qətrə düşdü, Dərya ümman eylədi. Cəbrayıldan səda gəldi, Mənəm-mənəm söylədi. Yetmiş il dərya üzündə, Yandı şapər iftida. Kamil ustad qulluğunda, Bir kəminə nökərəm. Qədirbilməz nadanlara, Bir Maliki-Əjdərəm. İsmimdi Məmmədhüseyn, Ağa, qulam, günahkaram. Quran yetdi Məhəmmədə, Oldu əzbər iftida. * * * Qırmızı Dost mənə bir bağ bəslədi, Bağı gülşən qırmızı. Ağ əllərə əlvan həna, Yaxıbdı qan qırmızı. Sövdəgarsan aç mətahın, Müştəriyəm mən sənə. Sərrafıyam sat alayım, Ləli mərcan qırmızı. Küfə xalqı bihəyalar, İmam üstə gəldilər. Onlar küfdə qərq oldular, Haqqı dildən saldılar. Kərbəlada dava düşdü, Tamam şəhid oldular. Qan dəydi üzəngiyə, Oldu meydan qırmızı. Bütləri Əli qırdı, İbrahim yanmadı nara. Oğlunu bıçaq kəsmədi, Götdü çaldı mərmərə. Cəbrayıl bir qoç gətirdi, İsmayıl peyğəmbərə. O səbəbdən al geyindi, Şahi-Mərdan qırmızı. Soruşdum Adəmnən qabaq, İndi xəbərdən danış. Yetmiş il dərya üzündə, Yanan şapərdən danış. Yeddi yerdən halıyam, Lohu göylərdən danış. Məhşər günü qurulacaq, Haxdı divan qırmızı. Gəl biçarə Məmmədhüseyn, Bu necə turdu söylədi? Axdı eynimin yaşı, Üzümdən arx eylədi. Yeddi qat yer, yeddi qat göy, Xudam ki, xəlq eylədi. Günəş çıxdı qəsridən, Oldu cahan qırmızı. * * * Qırmızı Şahi-Mərdan əziz gündə, Geyindi don qırmızı. İsmayıla qurban gəldi, Töküldü qan qırmızı. Oxudu ismi-əzəmi, Bağladı Zülfüqarı. Əntərə vurdu qılıncı, Oldu meydan qırmızı. Buyursun mirzələri, Belə yazsın yazını. Əzəlindən fikr eyləyib, Xub danışsın sözünü. Aşıq gərək xam olmaya, Puxda bilə özünü. Girə eşqin kürəsinə, Bişə büryan qırmızı. Məmmədhüseyn qocalıbdı, Uçub könül pərgarı. Ustadından dərs alanın, Mənalıdı xiridarı. Mənimlə bəhs eyləyənlər, Gəlsin olaq üzbarı. Anlayaq mətahı nədi, Açaq dükan qırmızı. * * * Neylərəm Ey cananım, səndən ayrı Mən bu canı neylərəm? Malı-mülkü, təxti-tacı, Süleymanı neylərəm? Mən öləndə sən olasan, Başım üstə ağlayan, Şeyda bülbül fəğan eylər, Gülüstanı neylərəm? Bir vəfalı həmdəm ilə, Ülfət qıl, ilqar eylə. Dedim könül, dost kuyinə, Sən də bir güzar eylə. Əl götürmə damənindən, Can ona nisar eylə. Yar özü ziba gərəkdi, Mən zibanı neylərəm? Məmmədhüseyn, qətlin üçün Məclisə saqi gəlir. Qaşları yay, kirpiyi ox, Gözləri yağı gəlir. Bu gün ömür başa yetir, Ayrılıq çağı gəlir. Beşcə arşın ağ gərəkdi, Badlıyanı neylərəm. * * * Ola Fələk, sənnən əlləşməyə, Bir belə meydan ola. Tut əlim, ətək sənin, Ədalət divan ola. Mən dedim ki, bu dünyada, Səfa sürrəm baş-başa. Nə bilim ki, top vura, Toz qopa tufan ola. Ey könül, sev xubları, Dünya sənə dar olsa. Bu fələyin yox vəfası, Qoyma sənə yar olsa. Pay beş arşın ağ olacaq, Nə qədər də var olsa. Xub yaraşar tərlanlara, Yuvasında xan ola. Bir kəsə ki, yar dedin, Yar deyib əğyar eyləmə. Sən ki, ona yar dedin, Aləmdə xar eyləmə. Əcəl gəldi Məmmədhüseyn, Dünyanı dar eyləmə. İlahidən dilək dilə, Bəlkə xoş məqam ola. * * * Olmasa Bəzirganlar yük bağlamaz, Gər xiridar olmasa. Naməhşur qalmaz dünyada, Zatında zar olmasa. Səng ilə xanə yapasan, Çöl-biyaban səhrada. Taparsan qəflət yuxusun, Əgər şahmar olmasa. İki mələk müqərrəmdi, Baxıb əməlin yaza. Onlar əməlinə baxıb, Sənə verərlər cəza. Ol günündə nə eyləsin, Məhəmməd Əl-Mustafa, Məhşərə getmək çətindi, Əldə tutar olmasa. Məmmədhüseyn ölmək ilən, Bu dünya xalı olmaz. Dərdin demə dərdbilməzə, Dərdindən halı olmaz. Bu vergi haqq vergisidi, Kimsəyə qalı olmaz. Cəhd eyləmək beca şeydi, Bəxtin paydar olmasa. * * * Olmasa Aşıq olan şövqə gəlməz, Şövqü-güzar olmasa. Şeyda bülbül fəğan qılmaz, Gülşəni zar olmasa. Pərvanələr eşq ucundan, Dolanar şam başına. Səməndər oda yanmaz, Nar intizar olmasa. Aşıq olan əzəl bilsin, Məclisinin halını. Danışanda xub danışsın, Top etsin kamalını. Mərifətlə xırd eyləsin, Göstərsin öz malını. Satmasın naşı sərrafa, Yaxşı bazar olmasa. Məmmədhüseyn, el içində Sən dolandın hər yanı. Namərdlərə nifrət olsun, Mərdə söylə dastanı. Yaxşılarla yaxşı danış, Pisin özü utanı. Mərd meydanda mərd gərəkdi, Mərdimazar olmasa. * * * Varaq Ay aşıq, al sazını, Bir gəl bu meydana varaq. Danışaq həqiqətdən, Demə ki, hədyana varaq. Ariflər məclisinə, Biz mərdi-mərdana varaq. Əgər xoş buyurmasan, İstəməm pünhana varaq. Sərraftək ad alıbsan, Eşitmişəm çox sədalar. Titrəməsin dil-dodağın, Göstər qarşımda hünər. Gur məclis qarşısında, Çatmasa mərifətin əgər. Haqq bilən bir dehqana, Razıyam mehmana varaq. Təbibi-dənadiləm, Var elmdən xəbərim. Babi-elm aşiq mənəm, Yüz aşıqdan yox qəmim. Hər nəqafil qarşısında, Əyilmərəm, var hünərim. Suxtəcək təhsil almışam, İstəsən ürfanə varaq. Vəsf etmə çox özünü, Sən ki, saz rağibisən. Ariflər qarşısında, Bil ki, zəlilü xarisən. Sallam cisminə vəsvəsə, Baxma ki, çox türfəndəsən. Əgər ki, etirazın olsa, Hazıram bürhana varaq. Məmmədhüseynəm, əzəl gündən, Zəkavəti toplamışam. Kamil usta sənətindən, Dönə-dönə dərs almışam. Çox sənintək aşiqləri, Qəm oduna qalamışam. Çıx görüm hüzuruma, Meydana seyrana varaq. * * * Ya Əli Haqq-taalanın aslanısan, Doğru billəm, ya Əli! Kimsə bilməz sənin sirrin, Sirri-cansan, ya Əli! Qəriblərin pənahısan, Mehribansan, ya Əli! Abi-Kövsər saqisisən, Həm səxasan, ya Əli! Getdin ol Merac üstünə, Haqqa salam eylədin. Sən xaliqsən, mən məxluqam, Ol Xudaya söylədin. Cəbrayıla ustad oldun, Tərifini eylədin. Ustadlara rəhmət gəldi, Şiri-Haqsan, ya Əli! Məmmədhüseyn sənə qurban, Ya ərənlər sərvəri. Fəth etdin Kuhi puluçu, Neçə-neçə tilsimləri. Öldürdün Salsaltək şahı, Aldın o, Şəhrizarı. Kərəm eylə məhşər günü, Ağam sənsən, ya Əli! * * * Ya Əli, fəryadi rəs Canişini mustafasan, Ya Əli, fəryadi rəs. Sadiqi şəhri vəfasan, Ya Əli, fəryadi rəs. Bəs sənin günəş camalın, Sureyi Yasindimi. Alimlər elm alarlar, Ya Əli, fəryadi rəs. Şövkəti ali əbasan, Şəriətin rəhbəri. Həsən, Hüseyn babasısan, Yerə qoydun şapəri. Mən ki, sənin aşiqinəm, Yada sal mən müstəri. Nə nazəli mübtəlasan, Ya Əli, fəryadi rəs. Cəbrayıl vəhy gətirdi, Peyğəmbər tutdu rah. Yetişdi ərşi zəmə, Sanasan ki yüzdü şah. Əl-Buraq zilə gəldi, Gedə bilməm, çəkdi ah. Arifdən səda gəldi, Ya Əli, fəryadi rəs. Cəbrayıl dedi, ya peyğəmbər, Meracın olsun qəbul. Buyur gedək behiştə, Elin olmasın məlul. Bax Xudanın hikmətinə, Çox əcaib orda dəlil. Zahiri-batil səbəbkar, Ya Əli, fəryadi rəs. Məmmədhüseyn kəmtərindi, Ya Abu Həsən, Abu Turab. Ay ilə gün birləşəcək, Kimsə etməz onda xab. Didələrdən qan yaş axar, Olar həşti inqilab. Fəqirlərin pün-pənahı, Ya Əli, fəryadi rəs. * * * Yasindimi Səlli əla, ya Məhəmməd, Bir ismi yasindimi. Şəninə gələn əbcət, Sureyi yasindimi. Bədəni-vücudu səxavət, Zikr olunar dildə Səməd. Bir ustaddan dərs almışam, Əlifdi yasindimi. Səfayətin kəsmə məndən, Ya Rəsul sağ əlinin. Mən sənin aşiqinəm, Gələndə bədri himin. Kafu-lam kəlmə içində, Oxunar şahu səfin. Mən sənin ismi şərifin, Loheyi yasindimi. Məmmədhüseyn Əndəlifdə, Gülşəndə fəğan edər. Zərrəcə görsə camalın, Can sənə qurban edər. Ruzeyi-məhşər günü, Şaffeyi üsyan edər. Əməlinə sal bir nəzər, Şəfası yasindimi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.