Gəraylılar Şair Məmmədhüseyn (1800–1880) Ağrıdır Ağrı bilməz saz canımı, Bir incəbel can ağrıdır. Alıbdı din-imanımı, Kirpiyi peykan ağrıdır. Nə yar kimi yarım olur, Üz çevirrəm gözü dolur. Bəyaz üzü birdən solur, Eyləyib heyran ağrıdır. Kölgə kimi izləyirəm, Axtarıram söhbətə çəm. Top etməyir ağlını cəm, Verir mənə yan, ağrıdır. Məmmədhüseynin nə günahı, Həsrət ilə çəkir ahı. Tab etmirəm bəsdir dahı, Eşqini az dan, ağrıdır. * * * Aşiqiyəm Bulaq üstdən gələn, ay qız, Camalının aşiqiyəm. Yaşmaq altdan gülən, ay qız, Kamalının aşiqiyəm. Elə qıyqac baxma mənə, Həsrət-həsrət, dönə-dönə. Bulaq üstə qayıt yenə, Camalının aşiqiyəm. Məmmədhüseyn gözlər yolun, Bulaq üstə oğrun-oğrun. Sal boynuma dola qolun, Vüsalının aşiqiyəm. * * * Ay qız Batıbsan qumaşa, ala, Qaş oynadıb gülən, ay qız. Düşübsən özgə xəyala, Süzə-süzə gələn, ay qız. Nə gedirsən axa-axa, Yandım, axı baxa-baxa. Getmə gözümdən irağa, Dərdim, sərim bilən, ay qız. Süzgün baxırsan oylağa, Kəklik kimi çıxdın dağa. Məmmədhüseyni ötür bağa, Bağrım başın dələn, ay qız. * * * Ay pəri İncimişəm bir sözündən, Gəl könlümü al, ay Pəri. Göz yoldayam nə müddətdi, Məni yada sal, ay Pəri. En yaylaqdan bizim kəndə, Pişvazına çıxım mən də. Bircə dəfə sən bu gündə, Gəl yanımda qal, ay Pəri. Məmmədhüseyn intizarda, Gözüm yolda, qəlbim darda. Geyin-kecin əlvan xara, Ver ləbindən bal, ay Pəri. * * * Bulaq Səhər, axşam büsatın var, Qoyma suyun dona, bulaq. Hər gün səni pişvaz eylər, Neçə-neçə “sona”, bulaq. Gözəllərin gözəlləri, Qələm qaşlı neçə pəri. Bu dağların tək dilbəri, Mehman olur sana, bulaq. Yetir ona salamımı, Məcnun-Məcnun kəlamımı. Onsuz yaram sağalımı? Dönər bağrım qana, bulaq. Həzin nəğmədir zümzümən, Ətrafındır nə xoş gülşən. İlhamınla bu çöl, çəmən, Gəlir hər il cana, bulaq. Etmə məndən o, mələyi, Odur eşqimin gərəyi. Məmmədhüseynin də ürəyi, Olub şana-şana, bulaq. * * * Dağlar Gəlib çıxdım oylağıma, Aç qoynunu, ana dağlar. Hacı Qurban yaylağıma, Yetişdim gur ana, dağlar. Qürbət eldə çox dolandım, Axşam-səhər adın andım. Səni gördüm qubarlandım, San gəlmişəm cana, dağlar. Yazın, yayın bir cənnətdi, Bu ellərə şan-şövkətdi. Bəzənibsən, xoş adətdi, Yenə yaşıl dona, dağlar. Lalə, nərgiz, tər bənövşə, Əsirgəmə dər bənövşə, Buz bulağın düşüb işə, El gəlir mehmana, dağlar. Sinən üstə maral gəzər, Ceyran qaçar, cüyür süzər. Məmmədhüseyn özü düzər, Səni min dastana, dağlar. * * * Dərdidi Deməyin, düşmüşəm xəstə, Dərdim bir bülbül dərdidi. Alan dini-imanımı, Ətirli bir gül dərdidi. Bahara bənzər gəlişi, Ceyrana bənzər yerişi. Dünyaya dəyər görüşü, Dərdim incəbel dərdidi. Salıb məni intizara, Günümü eyləyib qara. Çatdırın məni o yara, Dərdim şirindil dərdidi. Eşqi ilə odlandığım, Fəraqı ilə yandığım. Ömrümə həmdəm sandığım, Bir Leyli vüsal dərdidi. Məmmədhüseynin günü-ayı, Qəmi, dəmi bahar-yayı. İlahidən olsa payı, Uğurlu iqbal dərdidi. * * * Göründün Lalə, nərgiz içində qız, Hər güldən ötkün göründün. Mənim bu sərraf gözümə, Ay göründün, gün göründün. Dil ver dedim, dil vermədin, Gül ver dedim, gül vermədin. Qalıb ağlımda surətin, Al donu çin-çin göründün. Boy-buxunlu dümağ sinə, Həsrət çəkər el üzünə. Yazıq şair Məmmədhüseynə, Can alan, yetkin göründün. * * * Görünür Qara qaşlım, sağın dolan, Qoynunda narın görünür. Tökülübdü dal gərdənə, Zülfü şahmarın görünür. Qönçətək açmış yanağın, Baldan şirin dil-dodağın. Ay bənövşə, yetkin çağın, Bağçada barın görünür. Məmmədhüseyn üz aşiqi, Şirin-şirin söz aşiqi, Səntək novrəs qız aşiqi, Qarşıda yarın görünür. * * * Güllü Bər-bəzəkli çıxdın önə, Sandım səni sona, Güllü. Nədi, axı fikrin yenə, Girmisən min dona, Güllü. Gözlərini süzdürürsən, Ürəyimi üzdürürsən. Aşiqini öldürürsən, Olma səbəb qana, Güllü. Təkcəsisən bu dağların, Bu bağçanın, bu bağların. Bir dünyadır bu çağların, Qıyam şirin, cana, Güllü. Tər bənövşə dəstə-dəstə, Düzmüsən, qız, sinən üstə. Qulaqlarım qalıb səsdə, Uça, bizə qona, Güllü. Bu el-oba, Qoşqar, Kəpəz, Həsrətinlə yanar, sönməz. Məmmədhüseyn yoldan dönməz, Çətin eşqin dana, Güllü. * * * İstərəm İzin versən oğrun-oğrun, Tər qoynundan nar istərəm. Ağ sinənin üstən, ay qız, Dümağ təzə qar istərəm. Səni kimi gözəl yarı, İlqarı düz vəfadarı. Çəkdirsən də ahu-zarı, Edib dildə, car istərəm. Ay işvə, nazlı ceyranım, Qəmzənə necə dayanım? Məmmədhüseynəm, ay cananım, Meylim sənə var, istərəm. * * * İstərəm Çağırram pirim Əlini, Ağamnan imdad istərəm. Cəbrayılın şapərini, Atannan imdad istərəm. Sığındım Əlitək mərdə, Eləsin dəvayi-dərdə. Qul edib özün Bərbərdə, Satannan imdad istərəm. Əlinin Abbas balası, Darda qalanın çarası. Min batman Xeybər qapısı, Açannan imdad istərəm. Məmmədhüseynin bu çağını, Fələk, qırma budağını. O ağ divin barmağını, Çatannan imdad istərəm. * * * Qayıt Məni xəstə salan gözəl, Hərdən üz tut bizə qayıt. Loğmanımsan, ay nazənin, Yenə süzə-süzə, qayıt. Səni gördüm, mail oldum, Dil vermədin, zail oldum. Hər nə desən qail oldum, Mənlə şirin sözə qayıt. Məmmədhüseynə dünya dardı, Sənsiz yazı çovğun qardı. Hər yan gülür, xoş bahardı, Bağı gəzə-gəzə qayıt. * * * Qurban Xumar gözə vermə cəfa, Axan göz yaşına qurban. Ürəyimi salma xofa, Yar, qələm qaşına qurban. Dodağını büzmə belə, Əlin məndən üzmə belə. Dövran sürək, deyə-gülə, Ceyran duruşuna qurban. Məmmədhüseynin tacidarı, Malı, mülkü, dövlət-varı. İncə qədəm verib tarı, Yeri, yerişinə qurban. * * * Lalə Səni gördüm yada düşdü, Al yanaqlı yarım, lalə. İntizarın üzüb məni, Dedim elə varım, lalə. Ləçəklərin qırmızıdı, Könlümün telli sazıdı. Dağların sənəm qızıdı, Oxşarın gül, barım, lalə. Yazda idi xeyir işim, Sən açmısan nə təşvişim. Məmmədhüseynəm, tez yetişim, Bircə işi sarım, lalə. * * * Mən olum Gül bağçadan boylanan yar, Boyuna qurban mən olum. Özün Gülzar, elin gülzar, Hüsnünə heyran mən olum. Ağladırsan, ağlat özün, Çağladırsan, çağlat özün. Dağladırsan, dağlat özün, Sinəsi al qan mən olum. Məmmədhüseyn sənnən doymaz, Özgələrə məhəl qoymaz. Əzabını əzab saymaz, Tək sənə mehman mən olum. * * * Nazənin Qədəm basıb xoş gəlmisən, Sən bizim elə, Nazənin. Qubarlanıb miskin könlüm, Gəlibdi dilə, Nazənin. Qəddi-qamətinə qurban, Olmuşam hüsnünə heyran. Həsrətindən vallah inan, Düşmüşəm çölə, Nazənin. Məmmədhüseyn sənə quldu, Nə oldu ara vuruldu. Saraldı şux gülüm soldu, Sən bilə-bilə, Nazənin. * * * Nigar Artırma dərdi-sərimi, Qocalıqda mənim, Nigar. Cavanlığım uçub əldən, Keçib ayım, günüm, Nigar. Əsanı alıb əlimə, Qurşaq bağladım belimə. Əlacım qalıb dilimə, Gəl başına dönüm, Nigar. Məmmədhüseyni çaldı yenə, Turunc narlı, mərmər sinə. Düşər olsa salma ünə, O qoynuna yönüm, Nigar. * * * Olarmı Müjganı ox, qaşı kaman, Belə incə bel olarmı? Yupyumuru şəkər dahan, Belə şirin dil olarmı? Tələ qurdu düşdüm tora, Peykanından aldım yara. Geyinibdi ipək-xara, Belə novrəs gül olarmı? Məmmədhüseynin vəfadarı, Xoş nəfəsli bir baharı. Sənin kimi gözəl yarı, Heç sevməyən el olarmı? * * * Olaydı Aman Allah, bu görünən Ala gözlü yar olaydı. Qovaydı intizarımı, Ömrə vəfadar olaydı. Mənim işvəli cananım, Söz verib əhdi dananım. Var ömrümə şövkət-şanım, O, sinəsi qar olaydı. Məmmədhüseynin şən dilbəri, Ceyran yerişli ülkəri. Bulaq üstə gələn pəri, Gülüşü gülzar olaydı. * * * Oynasın Gül eyvana çıxan dilbər, Qoy yel vursun, tel oynasın. Yanağında bir cüt qoşa Açmış qızılgül oynasın. Atlas geymisən bədənə, Parlaq almaz, dümağ sinə. Cavanlar həsrətdi sənə, Süzdür incə bel oynasın. Aşiqinəm, bir nəzər sal, Şölə salsın o, ay camal. Məmmədhüseynə gəl qonaq qal, Sənlə bütün il oynasın. * * * Səni Çox aradım, çox axtardım, Tapdım tək bir dənə səni. Gözəllər səf-səf düzülsə, Dəyişmərəm minə səni. Xəlvət alıb gətirdiyim, Gül bağçada bitirdiyim. Muradına yetirdiyim, Kimdi salan ünə səni. Ay bəxtimin dan ulduzu, İqbalımın qara gözü. Oxşatmayım necə düzü, Axı aya, günə səni. Məmmədhüseyn dözməz sənsiz, Bu dünyada gəzməz sənsiz. Qəvvas olub üzməz sənsiz, Anar dönə-dönə səni. * * * Üstədi Hal-əhvalın ay nazənin, Vallah bahar, yaz üstədi. Dilimdən düşməz tərifin, Əksin telli saz üstədi. Dava-şavanı duymuşam, Mən də felinə uymuşam. Bilmə ki, səndən doymuşam, Himim bircə söz üstədi. Bəndəm bircə oxşayışa, Bülənd edim min alqışa. Məmmədhüseynlə gəz qoşa, Könlüm xoş avaz üstədi. * * * Yatıb oyanmaz, oyanmaz Yönü bəri baxan dağlar, Yatıb oyanmaz, oyanmaz. Üstündəki ağır ellər, Yatıb oyanmaz, oyanmaz. Girdim yarın xanəsinə, Laçın qonmaz binəsinə. Əlim qoydum sinəsinə, Yatıb oyanmaz, oyanmaz. Qurbanam qələm qaşına, Gör nələr gəldi başına. Səs verrəm dostum guşuna, Yatıb oyanmaz, oyanmaz. Yarım yaman yatmış idi, Ürbəndini atmış idi, Müşk-ənbərə batmış idi, Yatıb oyanmaz, oyanmaz. İgidin dönməsin əhdi, Yana çevrilməsin təxti. Məmmədhüseynin qara bəxti, Yatıb oyanmaz, oyanmaz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.