Müxəmməslər Şair Məmmədhüseyn (1800–1880) Demişəm Canımı ay nazənin, Yolunda qurban demişəm. Görəndə ay camalın, Min dəfə əhsən demişəm. Daldada, həm aşkarda, Cani-dildən can demişəm. Hökm eylə çatır ərkin, Sənə sultan, xan demişəm. Al məni qucağına, Busəni leysan demişəm. Mürvəti yad eylə sən, Aşiqinə vermə cəfa. Zülm etmək günah işdi, Əlin götür gəl insafa. Deyək, gülək ömür boyu, Gəşt eyləyək sürək səfa. Bu dünya beş günlükdü, Olma onuntək bivəfa. Gülər üz, ayna qabaq, Sənə xoş lisan demişəm. Gözəllik aləminə, Təzəcə qoymusan qədəm. İncitmə ol qəlbimə, Həm sevinc, həm də həmdəm. Səninlə dövran sürənə, Bu dünyada nə dərd, nə qəm. Məmmədhüseynin düz möhüvün, Həsrətinə çək bir əncam. Gəl quluna kərəm eylə, Sənə şövkət-şan demişəm. * * * Gözəl Kirpiyindən atılan ox, Ürəyimə tuşdu, gözəl. Bir dəfə baxdın mənə, Canım oda düşdü, gözəl. Yandırır eşq atəşi, Söylə kimdi suşdu, gözəl. Aşiqi yoldan eyləyər, Bu nə göz-qaşdı, gözəl. Apardın olan ağlımı, Qulac-qulac saşdı, gözəl. Gözəllər gözəlisən, Ol başımın sərvəri. Geriyə qaytararsan, Camalınla sən ülkəri. Hansı səmtə var axarın, Hurisən, yoxsa pəri. Kim gəlməz ziyarətə, Sənin kimi şux dilbəri. Tərifin Rumu, Misri, Firəngi də aşdı, gözəl. Məmmədhüseynəm, iltimasa, Gəlmişəm dərgahına. Yandırıb kül eyləmə, Düşərsən eşqin ahına. Neyləsin yazıq könül, Sən çıxdın urcahına. Qul ollam qulluğunda, Gözəllərin bir şahına. İnsaf et sənsiz ömrüm, Bu dünyada puşdu, gözəl. * * * Gülxanım Afərin, səd afərin, Sən təki yara, Gülxanım. Gözlərin piyalədir, Qaşların qara, Gülxanım. Xəstələr loğmanısan, Hər dərdə çarə, Gülxanım. Gözəllər hüsnünü görcək, Gəlirlər ara, Gülxanım. Eşqindən divanəyəm, Bir halım sora, Gülxanım. Bər-bəzək sərviboya, Gör necə də tən yaraşır. Qırçınlı xara tuman, Əndamına gen, yaraşır. Büzməli qoftan üstdən, Çeşnisi çin-çin, yaraşır. Sultana, xana layiq, Sənə dövran, gün yaraşır. Qovma qulu dərgahından, Çək özün dara, Gülxanım. Məcnun təki məni niyə, Dağı-daşı dolandırdın. Eşqini salıb canıma, Atəşinə sən yandırdın. Gecə-gündüz, pünhan aşkar, Mənə adını andırdın. Bəs deyilmi bu qədər, Əzab verdin, usandırdın. İnsafa gəl, mürvət et, Gəl xoş ilqara, Gülxanım. Gəzsələr bütün dünyanı, Heç diyarda tayın olmaz. Yanaqların al qönçədir, Qışı, yazı birdi, solmaz. Camalındı aydan ötə, Çənlə, dumanla tutulmaz. Sür dövran fani dünyada, Gedərgidir bil ki, qalmaz. Məmmədhüseyni mehman eylə, O bağça-bara, Gülxanım. * * * Sənəm İşvə-nazın ağlım alır, De, bu nə cəlaldı, Sənəm. Şöhrətin, gəzir eli, Söylə nə kamaldı, Sənəm. Hüsnünə baxdım məni, İntizara saldı, Sənəm. Dodağın incə, zərif, Ləzzəti baldı, Sənəm. Baxmaqla doymaq olmaz, Gözüm səndə qaldı, Sənəm. Ətirli bağça-bağın, Xanzadə dövranın var. Qulluğunda müntəzəm, Neçə incəbel canın var. Hatəm kimi xeyirxahsan, Halal olsun, ad-sanın var. Kim qıyar desin sənə, Zərrəcə nöqsanın var. Həsrətin güc eylədi, Gül ömrüm soldu, Sənəm. Bir dəfə üzün gülsə, Canımı qurban verərəm. Hər nə desən bu dünyada, Eylərəm leysan verərəm. Bilsəm ki gərəyindi, Baxışı ceyran, verərəm. Məmmədhüseynəm, qəbul bilsən, Torpağında can verərəm. Bəxtim ol, cavanlığım, İnan sənə quldu, Sənəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.