Qoşmalar Şair Məmmədhüseyn (1800–1880) A bəxtim Nolar bir yol yetişəsən haraya, Məni oda salıb yatan, a bəxtim. Çağırram, bu günü yetməsən haya, Öz işindən özün utan, a bəxtim. Hər yana baxıram çovğun, qardı, qar, Boran mənə çəkdirir bax, ahu-zar. Yorulmazsan, tut əlimdən beyilqar, İstəyirəm səndən aman, a bəxtim. Məmmədhüseyn yada düşüb uşaqlar, Könül Əli deyib bir daha ağlar. Rəhmə gəlin başı vüqarlı dağlar, Bəlkə öz-özünə utana bəxtim. * * * A Məsmə O gecə üzünü görəndən bəri, Könül edər səni soraq, a Məsmə. Sal, dola boynuma qara zülfləri, Qəm dağıdan dövran quraq, a Məsmə. At rübəndi, görüm ayna qabağı, Əsirgəmə nazik türfə dodağı. Səninlə olaram ömürlük yağı, Gəzər olsan məndən iraq, a Məsmə. Məmmədhüseynin fələk əyir işini, Çox axtarır tapa bilmir tuşunu. Qoy sinəm üstünə mərmər döşünü, Ol ömrümə şölə, çıraq, a Məsmə. * * * A molla Neçə axund gördüm, neçə də alim, Görmədim sən təki nadan, a molla. İnsafın yox, mürvətin yox, arın yox, Bilən yoxdu kimdir atan, a molla. Arazı keçibsən, olubsan molla, Darğa kəsilibsən sən bu mahala. Qudurdun, sataşdın gəlinə, dula, Allaha xoş getməz, bir qan, a molla. Məmmədhüseyn qananların qananı, Lütqom idin, eldən almısan nanı. Əvəzində talamısan hər yanı, Qənim olar sənə Quran, a molla. * * * Ağrı dağı Bir ərzim var, sənin xaki-payına, Eşit bu ərzimi sən, Ağrı dağı. Sənə çıxan görər cümlə-cahanı, Görünər gözünə Van, Ağrı dağı. Bülbül gedər, gül yanında xar olar, Pərvaz eylər yuvasından sar uçar. Yayın günü şəfəq vurar tar uçar, Eyləmə nahaqdan qan, Ağrı dağı. Xan atlanar, xan taxtına xan düşər, Dəstə yeri camaata ün düşər. Səhər ertə əvvəl sənə gün düşər, Sənə qurban şirin can, Ağrı dağı. Zirvəsində illər boyu dumandı, Dünyaynan yaranıb, hələ cavandı. Dağların başında Çopur Sultandı, Düşüb ortalığa Xan, Ağrı dağı. Məmmədhüseyn ölən günə al ağı, Cəhd eylə olmasın onun calağı. Nuh gəmisi, peyğəmbərin bulağı, Saxla qiyamətə sən, Ağrı dağı. * * * Ağrın alım Söz vermişdin canbir qəlb olmağa, Eyləmə bu qədər naz, ağrın alım. Gəlməmisən saqqalımı yolmağa, Yaxşıya, yamana döz, ağrın alım. Yersiz işin xatirimə çox dəyir, Bəd rəftarın cavan qəddimi əyir. Demirəm, çox yun dara, cəhrə əyir, Xoş dolan, gör işi az, ağrın alım. Əvvəlkitək üzün gülsün üzümə, Bir qüvvət ol söhbətimə, sözümə. Məmmədhüseynin yaxşı dəysən gözünə, Vəsfini eyləsin saz ağrın alım. * * * Arvad Ay hazarat, başa yaman bəladır, Çox danışıb ərlə deyişən arvad. Bütün günü ar etməyib kimsədən, Savaşıb, qışqırıb, döyüşən arvad. Yaman oda saldım özüm-özümü, Baş açmıram seçəm əyri-düzünü. Ha deyirəm, eşidən yox sözümü, Aman, tapın alnıaçıq, şən arvad. Məmmədhüseynəm, yanar oda düşmüşəm, Qəm içində qəmtək qara bişmişəm. Nə lazımmış özü çirkin, ağlı kəm, Uşağa, böyüyə iyəşən arvad. * * * Ay hazarat Ay hazarat, bu nə gündü çəkirik, İçdiyin zəhərdi, yediyin ağı. Bəylər, xanlar eli salırlar incik, Pristav da olub bir yandan yağı. Bığı burmaların düşür evinə, Azdan-çoxdan alıb basır cibinə. Tələ qurur, qoymur eli sevinə, Sinəmizə çəkir çal-çarpaz dağı. Qabaqdan dinənin kəsilir dili, Qarışıb bir-birə ağıllı, dəli. Gəlməyəydi belə bəd gələn ili, Saldı qazamata yazıq uşağı. Varım yoxdu, gedib verib qurtaram, Gücüm yoxdu qala dibini yaram. Oturmaq da haram, durmaq da haram, Koxa da seçiblər qanmaz ulağı. Əl qaldırsan qazı molla görülür, Qlavayla ara yaxşı hörülür. Nahaq yerdən yurddan sürgün sürülür, Necə susdurasan pullu naçağı. O kəsin ki, dövləti var, varı var, Dar günü köməyi, havadarı var. Deyirik ki, göydə adil tarı var, Niyə sönmür bəs bədnəzər ocağı. Avam olduq avamların əlində, İnsaf yoxdu qazısında, pirində. Cana doyan bir kimsənə görəndə, Yoldan azdın deyib kəsir qabağı. Eyləyiblər “dərə xəlvət, tülkü bəy” Hökmrandı vara həris neçə səy. Bağlatdılar başımıza lap ləçəy, Bir əlac var, o da Nəbisayağı. Məmmədhüseynə dövran vermir amanı, Alt-üst olsun belə yaman zamanı. Yaxşı budur tut düşmənə kamanı, Al qisası, ol nadanlar qoçağı. * * * Bağışla məni Günahım əfv eylə, şahların şahı, Əvvəl o mövlaya bağışla məni. Ərş üzündə zinətdi əflakı lalək, Zinəti məleykəyə bağışla məni. Abad olmaz kafirlərə sayqınan, Hücum çəkib o xeybərə toxunan. Əzrana o Quranda oxunan, Rza layətrayə bağışla məni. Yatmışdır vayğada, olmadı zahir, Tamam-qaffar olsun mürşüdi air. Məmmədhüseyn deyər, ziyarətim var, Ziyarəti-Kərbəlaya bağışla məni. * * * Bənzəməz Gözəl çoxdu bu mahalda, obada, Mən gördüyüm özgəsinə bənzəməz. Qəh-qəhinə susdu dağda kəkliklər, Heç səs onun xoş səsinə bənzəməz. Ətrafında vardı nazənin qızlar, Hər yanında parıldaşar ulduzlar. Məst edir görəni şirin avazlar, Heç bir dəstə, dəstəsinə bənzəməz. Məmmədhüseyn görüb onu vuruldu, Könül aldı hal-əhvalı duruldu. Ötdü xoş nəğmələr, məclis quruldu, Heç bir nəşə nəşəsinə bənzəməz. * * * Bəy Zavallı kasıbı çox incitmə bəy, Nə dinə xoş gedər, nə də şəryətə. Şallağı az işlət, nə pis söyüş söy, Danlanmaq yaraşar deyərlər itə. Neyləmişdi yazıq Əhməd o günü, Qaldırdın qamçıda zolaq gönünü. Yaman insan bəd iş ilə öyünü, Yaxşı adam kəm baxar bu adətə. Muzdur Sarı yazıq, fağır kimsədi, Bir parça çörəyi tapmaqdı əhdi. Yarırsan başını, azdımı dərdi, Kim deməz ki, sən layiqsən nifrətə. Nə sayım, nə deyim çoxdu əməlin, Pis işə səyriyir həmişə əlin. Bil ki, çox ağırdı töhməti elin, Zaman ötər, sən də dönərsən lütə. Məmmədhüseynə nə varlı var, nə yoxsul, Qananlara ömür boyu quldu, qul. Bir səfər et mərifətdən xəbər bul, Meşə ayısından olmusan ötə. * * * Bilmədim Ömrümə yaraşıq, könlümə həmdəm, Bir gözəl aradım, tapa bilmədim. Bir sevinc istədim hazır oldu qəm, Uçdu könül quşu tuta bilmədim. Dedim həsrət əlim çatsın əlinə, Dolansın qollarım incə belinə. Danışdıqca qurban deyim dilinə, Əfsus, istəyimə çata bilmədim. Dedim sultanım ol, gülsün taleyim, Gül aça sinəmdə azad istəyim. Məmmədhüseyn, qara bəxtə nə deyim, Sevinci sevincə qata bilmədim. * * * Bilmədim O gecə gəlmişdim halallaşmağa, Çox gözlədim əhval bula bilmədim. Gəlin örpəyinə, üzdə yaşmağa, Baxmağa müyəssər ola bilmədim. Od saldın canıma, oxlandı bağrım, Bilmədim haraya mən kimi çağrım. Gedirəm qürbətə çarəsiz yarım, Sənsiz bu məskəndə qala bilmədim. Eşqin ilə gülən sazım ağladı, Ürəyimi çarpaz düyün dağladı. Keçidimi hər tərəfdən bağladı, Dövran ilə cəngə dola bilmədim. Çalışdım yolunda, çox çəkdim cəfa, Dilimin əzbəri səndin bivəfa. Gedirəm dağlara, yenə Qafqaza, Düşmən çox güclüdür, çala bilmədim. Məmmədhüseynəm, düz ilqara varam var, Görüm oda düşsün yadlar, yamanlar. Varlı dünyasıdır, bizə olub dar, O səbəbdən səni ala bilmədim. * * * Bilmərəm Hiyləgər gözünlə aşiqə baxma, Eşqin kamanını ata bilmərəm. Qocalıqda məni odlara yaxma, Günüm keçib, sənə çata bilmərəm. Vaxt var idi havalanıb uçardım, Ürək sirrim gözəllərə açardım. Xoşa gəlsə götürərdim, qaçardım, Qədd əyilib sənə bata bilmərəm. Məmmədhüseynəm, saç ağarıb neyləyim, Xəncər alıb qara bağrım teyləyim. Könül istər təzə gülü iyləyim, Əlim əsir, əfsus, tuta bilmərəm. * * * Bilməz İrəvan səfada nə qədər xoşsa, Bizim yaylaqlara tay ola bilməz. O buzlu bulaqsız, yaşıl çəmənsiz, Ömrə yarar nə il, ay ola bilməz. Hələ şehli-şehli tər bənövşədən, Dəstə-dəstə topla, dər bənövşədən. Öpüb dilbərini tax döşü üstdən, Yara bundan gözəl pay ola bilməz. Əlvan çəmən, bir istəkli, bir də sən, Hər yan lalə, nərgiz, hər tərəf gülşən. Məmmədhüseyn, zövq al yar gülüşündən, Öpüşə görüşdə say ola bilməz. * * * Bilməzsən Elə mətahların xiridarı mənəm, Sərf olsa hesaba çata bilməzsən. Yük bağlasan bu cahanı gəzərəm, Şahlar oylağından ötə bilməzsən. Yoxladım elmini, bildim anlağın, Ərəb-fars deyərəm tutmaz caynağın. Sən çərçisən, get sat iynə-sancağın, Elə bazarlara çata bilməzsən. Çoxdu bu dünyada aşığın sanı, Arif olan sözdən bir mətləb qanı. Məmmədhüseyn tapar sərraf olanı, Sən dürü mərcandan seçə bilməzsən. * * * Bu yerlər Zimistan qəhrindən çıxıbdır yaza, Bürünüb yaşıla, ala bu yerlər. Bu zövqü-səfada, bu təravətdə, Nola axıratan qala bu yerlər. Bir tərəf laləzar, bir yan bənövşə, Nərgiz səpələnib yamaca, döşə. Yaranıb cənnətlə elə bil qoşa, Kim qıyar, Xudaya, sola bu yerlər. Göyçənin səfası, Göyçənin varı, Gözəldir çəməni, gülü-gülzarı. Məmmədhüseynin var ömrünün baharı, Məskəni, oylağı ola bu yerlər. * * * Can alan Bu nə gündü, günü qara düşübsən, Əvvəllərdə işvə-nazı can alan. Nə günahım, məndən niyə küsübsən, Sən oldun özünü bu günə salan. Qaynananın fitnəsinə uyubsan, Cavanlıqda başa dingə qoyubsan. Mən bilirəm bu əzabdan doyubsan, Subaylıqda sultan olan, xan olan. Bilmirdinmi hacıların mürvətin, Mollaların, qazıların ülfətin. Artıb indi oğul-uşaq, külfətin, Məmmədhüseyni yada salmadan dolan. * * * Ceyranım İntizarın üzdü, bir insaf eylə, Qıyma cavan ömrüm sola, ceyranım. Bağladın könlümü sən şirin dillə, Bəsdi, çəkmə məni ala, ceyranım. Qaşların özündən sürməli imiş, Hüsnün nə əcəb görməli imiş. Gözlərinə ömür verməli imiş, Dodaqların bənzər bala, ceyranım. Eşqindən dəliyəm, peymanın bumu? İzin ver boynuna salım qolumu. Təmiz ilqarına bağlı arzumu, Qoyma ürəyimdə qala, ceyranım. Vurğunam ilk gündən ay camalına, Kimsə çata bilməz, yar kamalına. Yetir Məmmədhüseyni xoş vüsalına, Salma onu qilü-qala, ceyranım. * * * Dağlar Başının dolağı buz qatlarıdı, Ətəyin behiştdən gözəldi, dağlar. Atıbsan üstündən qarı, çovğunu, El deyir əhdinə düzəldi dağlar. Neçə Süleymanlar yola salıbsan, Neçə zəmanəyə külüng çalıbsan. Özün gör necə də cavan qalıbsan, Kim deyər, hər şeydən əzəldi dağlar. Səf-səf olub düzülübsən yanbayan, Gör necə nizamlı hörüb Yaradan. Məmmədhüseyn olub qurğuna heyran, Açdığın büsata mətəldi, dağlar. * * * Dedi Aradım bir şəhlagözün qəlbini, Hər yaman, yaxşıya düz ki, düz dedi. Qəlbimə xoş ilham sandım onu mən, Oxşayıb çox məni qara göz dedi. Baş açmadım fitnəsindən, felindən, Eşqin camın alıb içdim əlindən. İncimədim nə də şirin dilindən, Axır zaman məndən əlin üz, – dedi. Oynatdı könlümü, atdı ilqarı, Könül aşinası etdi yadları. Söndürüb alovlu bir gənc vüqarı, Yenə üzə gülüb şirin söz dedi. Hər əmələ, hər sevdaya baş əydi, Onunu ötürdü, on beşə dəydi. Deyəndə ki, gözəl, gəl pozma əhdi, Mənimlə çox durma üzbəüz, – dedi. Aldandım əzəldən, bilmirəm nədən, Pəri donu geymiş bu şahmara mən. Utanmadı, mən üz döndərən zaman, Məmmədhüseyn: – Əhdə düzəm, düz, – dedi. * * * Deyərlər Səxavətdə Hatəm, cəngidə Rüstəm, Ədalətdə Nuşirəvanı deyəllər. Dəryadan bac alan səddi-İsgəndər, Hər hikmətdə Süleymanı deyəllər. Gecə-gündüz qaldım dadü fəryadda, Ya Ağam, sən məni qoymaynan odda. Səxavətdə, sücaətdə, qeyrətdə, Şiri-Yazdan Mürtəzanı deyəllər. Mürtəza dəstindən badə yetişər, Onu içən hər murada yetişər. Yoməl-Ərəstidə dada yetişər, Məhəmməd Əl-Mustafanı deyəllər. Leyli-nahar çağırdığım ərənlər, Əşqin badəsini dolu verənlər. Qohum-qardaş dost müsayib bilənlər, Bir gün Məmmədhüseyn hanı deyəllər. * * * Deyim Ərzandan çıxanda balta götürdü, Salmanın oduna getdiyin deyim? İstidə Salmana su vacib oldu, Başından qəzalar ötdüyün deyim. Salman suya gedib rəxtin buraxdı, Minacat eyləyib haqqa düz baxdı. Kükrəyib meşədən bir atlı çıxdı, Xırxanın üstündə yatdığın, deyim. İnanın bu sözə, cənnətdir səkkiz, İnanmayanın yeri cəhənnəm hərgiz. Salmanın əlində bir dəstə nərgiz, O, atlıya niyaz verdiyin deyim. Məmmədhüseynəm, uca dağda qar idim, Bağçalarda heyva idim, nar idim. Düz yetmiş il səndən qabaq var idim, Söz gəlib aradan ötdüyün deyim. * * * Dilim Bir yerə düşəndə anla yerini, Gətirmə başıma bəlanı, dilim. Doğru söylə, düz danışıb ad qazan, Tanıtma özünə yalanı, dilim. Ədəb gözlə, nəzakətin var olsun, Düzlük sənə ömür boyu yar olsun. Nə yersiz et, nə desinlər ar olsun, Artırma, ərz eylə olanı, dilim. Məmmədhüseyni yaman etmə arada, Əskik olmaz yaman kəsdən heç qada. Axır bu yaşımda verərsən bada, Dindir xoş kəlamı olanı, dilim. * * * Düşərmiş Yüz ölçməmiş bir biçənlər axırda, Doğrudan da yanar oda düşərmiş. Harfalara ömür verən, gün verən, Axır günü dadhadada düşərmiş. Deyirsən ki, əzizmişsən əzəllər, Xoş gəlməzmiş sənə türfə gözəllər. İlk günü oxuyan o şirin dillər, Xal tutanda çətin yada düşərmiş. Məmmədhüseyn necə dözsün halına, Qurtarmaq bilməyən qilü-qalına. Öyrənmisən, alıb gəzdir dalına, Cəfəng meymun məğmun ata düşərmiş. * * * El yaraşığı Bütün günü kimdən soraq eylədim, Dedilər yaranıb el yaraşığı. O nigar vəsfindən söz düşən zaman, Sandım səni şirin dil yaraşığı. Gördüm səni bağçanızdan dönəndə, Bulaq üstdən evinizə gələndə. Üzdüm bir cüt gülü, düşündüm mən də, Bağça yaraşığı, gül yaraşığı. Məmmədhüseyn gördü səni, vuruldu, Könül verdi, tamam əhdi duruldu. Sədaqətli yara bu canım quldu, Ol ömrümə gün, ay, il yaraşığı. * * * Eyləmisən Molla əmi, gecənin bu vaxtında Nə əcəb bizləri yad eyləmisən. Kitabın, dəftərin, qələmin hazır, Nə yaxşı bəndəni ad eyləmisən. Məzlum durub nə çəkirsən ahu-zar, Hələ ölməmisən itib sanalar. Yaxşı şeydi, olsa abır-həyalar, Zəhmətin əbəsdən bad eyləmisən. Müftə yığıb, müftə yeyib yatansan, Sən igidi bir beçəyə satansan. Nəzir verrəm əməlindən utansan, Demə, Məmmədhüseyni şad eyləmisən. * * * Eyləsən Qoşa narın sinən üstə uyuşub, Can deyərəm məni mehman, eyləsən. Həmdəmim ol, ömrə-günə yar olaq, Sonra yar bağrımı, al qan, eylə sən. Təzəcə yetmisən on beş yaşına, El heyrandır kirpiyinə, qaşına. Yer eylə könlündə, könül quşuma, Mən öyünüm, nazla cövlan, eylə sən. Aşıq olan səndən iraq olarmı, Dil verdiyin saralarmı, solarmı? Məmmədhüseyn özgəsini alarmı, Gəl mənimlə əhdü-peyman, eylə sən. * * * Eyləyim Ay nazənin, bir sualım var sənə, Pünhan dərdim kimə aşkar eyləyim. Axtardım elləri mən dönə-dönə, Tapmadım dil qanan şikar eyləyim. Kimə üz çevirdim, yad oldu mənə, Nə deyim sirdaşsız ömürə, günə. Bəxtimin çırağı az qalıb sönə, İstərəm qəlb açan bazar eyləyim. Şükür qıllam, Xudam səni yetirib, Təzə gülü yolum üstə bitirib. Məmmədhüseynin gəl ol dərdinə təbib, Alım səni, mən vəfadar eyləyim. * * * Əlinə İstəsən ki, kimə qarğış edəsən, Qarğa düşsün yaman arvad əlinə. Olmaz günü ya sevinən, ya gülən, Özü dözsün fitnəsinə, felinə. Səhər-axşam istirahət verməsin, Aralıqda xoş məhəbbət hörməsin. Qonum-qonşu eşidəndə söyməsin, Lənət desən arvadının dilinə. Məmmədhüseyn qananların quludu, Ömür yolu haqq, ədalət yoludu. Mən Səlmini gətirəndə duludu, İndi dönüb təzə gələn gəlinə. * * * Əzəldən Laləli, nərgizli Tərsə yaylağı, Tərlanların yaylağıdır əzəldən. At oynadan, qılınc çalan, qaçağan, İgidlərin oylağıdır əzəldən. Yay ayları elat çıxar, yurd salar, Dərələr al-yaşıl yüz rəngə çalar. İstəyənə şöhrət olar, ad olar, Yadlara da göz dağıdı əzəldən. Görəndə atlanır şairin könlü, Ana diyarını şadyana, güllü. Gözəl gəlinlərnən, qızlarnan ünlü, Neçə kəndlər qonağıdı əzəldən. * * * Gəldin Qədəmin şəfadır xəstə canıma, İncimə ay İnci, göz üstə gəldin. Nə xoşbəxt insanam anmısan məni, Səndən söz düşmüşdü, söz üstə gəldin. Yamanca bəd yuxu gördüm huşumda, Ötdü o xoş səsin birdən guşumda. Doğrudan sənmisən duran qarşımda, Gəl bu vaqiəni yoz, üstə gəldin. Ha gözlədim yar məndən könül uma, Əriyib eşqindən dönmüşəm şama. Məmmədhüseynin könlü gəldi ilhama, Axır vaxtdı, söhbət-saz üstə gəldin. * * * Gəlməz Hərcayıya söz açarsan ədəbdən, İrişər, anlamaq huşuna gəlməz. Əyrilərin göz-başına döyməsən, Düz yola qayıtmaq guşuna gəlməz. Nadanlar özünü arif sanarlar, Nə görüb-götürər, nə də qanarlar. Əməlləri açılanda danarlar, Nəsihət eşitmək xoşuna gəlməz. Məmmədhüseyn, nadürüstdən qaçaq ol, Ellə dolan, ellə şadlan, xoş çağ ol. Arlıya ar, arsıza sərt bıçaq ol, Bir daha harfalar tuşuna gəlməz. * * * Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım) Varım-yoxum olan qoyunum, malım, İtib, axtarmaqdan zara gəlmişəm. Əzəldən yatıbdır bəxtim, yığvalım, İşim düşüb, yaman dara gəlmişəm. Halalca zəhmətim öz əməyimdir, Dolandıran bir Allah köməyimdir. Bir kəsə qıymazdım, bilmirəm kimdir, Eyləyib könlümü qara gəlmişəm. Ağlaşır uşaqlar bir neçə gündür, Onun üçün sinəm çarpaz düyündür. Hansı zalım bu işinə öyündü, Vurdu ürəyimə yara, gəlmişəm. Yandırıb, qoy deyim nainsaf oğlu, Aparıb olanı, qanımı sordu. Bilmirəm tutulan nə divan, tordu, Yaş ötüb, yıxıla-dura gəlmişəm. Məmmədhüseynəm, bir yamanlıq bilmədim, Çarəsizə çarə qıldım, gülmədim. Dəstəbaşı, dərdim sənə söylədim, Dalınca dağlara kara gəlmişəm. * * * Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı) Başına döndüyüm, a dəstəbaşı, Yön çevirib bu diyara, gəlmişəm. Çərxi-fələk əyib mənim işimi, İşim düşüb, ahu-zara, gəlmişəm. Beş camışım vardı, beş-on da malım, Onlarnan keçərdi mənim əhvalım. Belə çaldı getdi bimürvət zalım, Qapım dönüb dəyirmana, gəlmişəm. Bir badi-sərsəri sərimdə əsdi, İsgəndər nərəli, Rüstəm Zal şəstli. Bir müşkül işim də sizlərə düşdü, Gəl eylə dərdimə çara, gəlmişəm. Məmmədhüseyn sizə xilaf söyləməz, Eşqin dəryasına girib boylamaz. Qovça güney əlli, altmış yeyləməz, Sənin kimi qəhrəmana gəlmişəm. * * * Gəlmişəm (Eşitdim sədanı, a minagərdən) Eşitdim sədanı, a minagərdən, Gecə-gündüz uça-uça gəlmişəm. Şəkər dodaqlardan balı əmməyə, Sayma məni belə, qoca gəlmişəm. Neçə günlük yolu qəsd edib cana, Soyuqda, çovğunda mən dona-dona. Tamaşa qılmağa bala ceyrana, Ay, ay qabaq, boyu uca, gəlmişəm. Xəbər bildim, aşıqlarla yağısan, Məmmədhüseynin bağçasısan, bağısan. Söylə görüm bu meydana hazırsan? Səndən bac almağa, baca gəlmişəm. * * * Görmüşəm Gizlətmə ay üzü yaşmaq altında, Qaymaq dodağında balı görmüşəm. Qara qaş üstündə, a mələkzadə, Türfəndə bəslənmiş xalı görmüşəm. Qəfil yan çevirdin bulaq üstündə, Gördüm səni, girdim canım qəsdinə. Xub yaraşır gəl gül verim dəstinə, Ağ bədəni, incə əli görmüşəm. Məmmədhüseynə nə işvə sat, nə dağ çək, At ürbəndi kəklik kimi elə sək. Bu səhər bulaqda nə yalan-gerçək, Turunc məmələri dolu görmüşəm. * * * Göyçə ellidi (qıfılbənd) On altı paçalı o nə əlamətdi, O, nədir ki, dörd ayaqdan nallıdı? Yay olanda özün pünhan eyləyər, Üç ay zimistanda qalmaqallıdı. Səkkiz dəst sümüyü var əndamında, Yüz damarı qərar tutub canında. Bir gözü kəllədə, isbat yanında, Onu görənlərin adı bəllidi. Heç kəs ilə salam, səfa eyləməz, Heç kəs ilə üzün tutub söyləməz. Heç gedəni yoldan tutub əyləməz, Bir səri dumanlı köksü yellidi. Alimlə düşmüşəm cəngi-savaşa, Tapılmaz xanədi zor vermə başa. Deməynən şairlər söz deyir boşa, Xəbər alsan əslim, Göyçə ellidi. Gecələr gözümə vermədim xabı, Eşq atəşi məndə qoymayıb tabı. Məmmədhüseynə verə bilsən cavabı, Bir şəxs idi, sağı-solu qulludu. * * * Gözəl Axı neyləmişəm qıyqac baxırsan, Dönübsən sıyrılmış qılınca, gözəl. Dərdli Məcnun kimi gəzib dolannam, Qolumu boynuna salınca, gözəl. Hüsnünə müştağam, doymaram səndən, O püstə dahandan, o şirin dildən. Tutmuşam yaxanı, qoymaram əldən, Dərdimə dərmanı alınca, gözəl. And olsun tanrıya, o Paki Nura, Üzünü görməsəm getmərəm gora. Fəqir Məmmədhüseyn düşübdü tora, Mələr ahu kimi alınca, gözəl. * * * Gözəldi Göyçə mahalında bir gözəl gördüm, Baxdıqca qaşının tağı gözəldi. Almadır yanağı, büllur buxağı, Ağ üzündə qoşa xalı gözəldi. Göyçə mahallıdı, Daşkənd ellidir, Tökülüb dal gərdənə siyah tellidir. Dodağı məzəli, şirin dillidir, Şölə saçan ay camalı gözəldi. Cananlar içində o, bir canandı, İşarət eylədim dərdimi qandı. Dörd yaşlı mələkdi şux bir sultandı, Səxavəti, həm kamalı gözəldi. Zimistan dolandı, bahar, yaz oldu, Cavan ömrü, qəmi möhnətlə soldu. Onu gördüm dərdim, qəmim azaldı, Min büsatı, var calalı gözəldi. Məmmədhüseyn düzər onu dastana, Arif ola mənim dərdimi qana. Yerişi kəklikdir, duruşu sona, Yaranmışdan şəkər balı gözəldi. * * * Gözəlim Nə xırda qədəmlə gedirsən belə, Geymisən əyninə xara, gözəlim. Eşq havası yenə düşdü başıma, Çəkirsən dilimdən dara, gözəlim. O nazi-qəmzəylə yandırdın bizi, İnsafın yoxdumu, a zalım qızı. Gözlər piyalədir, yanaq qırmızı, Laçınsan, uyma gəl sara, gözəlim. Gözəllər gözəli tək bircə sənsən, İşarə eylədim dərdimi bil sən. Söylə evlisənmi, yoxsa ərgənsən, Salma məni intizara, gözəlim. Keçərəm yolunda vallahi candan, Öldürsən, qorxmaram bir qaşıq qandan. Bir büsə istərəm o al yanaqdan, Heç vurma sinəmə yara, gözəlim. Məmmədhüseyni saldın bulunmaz dərdə, Qoyma aşiqini belə qəhərdə. O dərdin dərmanı tapılıb səndə, Bir eylə dərdimə çara, gözəlim. * * * Güləndam Hicran dərdi peyman edib halımı, Vurdu ürəyimə yara, Güləndam. İşvə-nazın lap aparıb ağlımı, Dərdli könül istər çara, Güləndam. Göz açandan səni sevib-seçmişəm, Röyada əlindən badə içmişəm. Bir canım var inan qurban etmişəm, Qoynundakı bağça-bara, Güləndam. Bir mələk misalsan, alma canımı, Gəl atəşə, oda salma canımı. Məmmədhüseynəm, tök yolunda qanımı, Aldanma dövlətə, vara, Güləndam. * * * Günbəgün Zalım fələk, bu nə qəsdir edirsən, Yandırdın cismimi nara günbəgün. Dərdi-qəmim ümman olub daşıbdır, Gəlmişəm əlindən zara günbəgün. Bir həmdəmim, bir sirdaşım, bir arxam, Köməyimdir o qocalmış pir atam. O da eldən getdi, kəsildi çarəm, Etdin məni bəxti qara günbəgün. Nə qəsdin var mənim ilə çəkirsən, Var ömrümə sən od-alov tökürsən. Mən tikirəm, sən bir ucdan sökürsən, Salırsan çıxılmaz dara günbəgün. * * * Hacı Var-dövlət dediyin bir əl çirkidi, Çox da qürrələnib öyünmə, Hacı. Qoca yaşda türfə qönçə dəribsən, Könlü deməz səni, söyünmə Hacı. Yaxşı olar tapa taylı tayını, Gül neyləyər bülbüllərin zayını. Saxlaya bilməzsən eşqin yayını, Sonra peşman olub, deyinmə Hacı. Demə, Məmmədhüseyni varla bağladın, Bağrın başın çalın-çarpaz dağladın. O zaman ki zülüm-zülüm ağladın, Deyərəm, diri dur, üyünmə, Hacı. * * * Haçan gəlirsən Başına döndüyüm gül üzlü oğul, Oğul, söylə görüm, haçan gəlirsən? Gecə-gündüz həsrətini çəkirəm, Oğul, söylə görüm, haçan gəlirsən? Sana gəlməz günüm, gedir ömürdən, Namərd didar edib məni elimdən. Bu sinnidə ayrılmışam gülümdən, Oğul, söylə görüm, haçan gəlirsən? Susanmıram, var-dövlətim alıblar, Şahmar kimi ürəyimdən çalıblar. Məmmədhüseyni yaman oda salıblar, Oğul, söylə görüm, haçan gəlirsən? * * * Haqdan peyğəmbərə salam Alimlər qövmüynən arifi aqil, Peyğəmbər mehraca dörd dəfə getdi. Cəm olundu otuz altı, on yeddi, Xəstə dilim bu yollara bələddi. Hər yandan səs gəldi ya Məhəmmədə, Məscid Ələqsaya yetişdi səda. Musa ərz eylədi, ya bərri Xuda, Nə qurğu, nə büsat, nə fəzilətdi. Pərdeyi-hicabətdən bir dəsti gəldi, Yedilər təamı, almanı böldü. Xilqəti, xülqəti, zatı gövhərdi, İnan bu sözlərim bil həqiqətdi. Əşrəfi məxluqat, aləm sərvəri, Oxudu Tövratı, qayıtdı geri. Hüreyi-qılmandan endi min pəri, Əmr olundu haqdan göyü bəzətdi. Həbibullah mindi rəf-rəfi atı, Qadir mövlam özü verdi baratı. Bizə vacib olan somu salatı, Üç hissəsin qoyub, birin götürdü. Yetişdi dərgaha Əliyyül Əzim, Şahi-Mərdan etdi göylərə təzim. Buyurdu almanı, etdi tənəzzüm, Ya Əli, hər işin sirri qüdrətdi. Peyğəmbər aldı nurdan dəstəmaz, Əta eylədi yüz rükət namaz. Haqqa üz çevirib eylədi niyaz, Xudaya təvəqqem səndən hümmətdi. Bağışlandı hümmətlərin günahı, Şadü xürrəm oldu islam pənahı. Gələndə Mustafa gördü o rahı, Görüncə Mustafa xəbabın atdı. Haqdan peyğəmbərə yetişdi salam, Gəldi şiri-pirinc qoyuldu təam. Peyğəmbər ərz eylədi, qibleyi-aləm, Yalqız təam yemək bizə günahdı. Quranda oxunan suliddin beşdi, Üç mələk bilmədi müqərrəm keşdi. Fərmanı qüdrətdən nida yetişdi, Həbibullah elmi ərşə zinətdi. Şairin sinəsi haqq bazarıdı, Satdığı kəlamlar dürr, mirvarıdı. Alimin elmiynən helmi yarıdı, Həcvi hədyan demək nahaq söhbətdi. Məmmədhüseyn deyər, azmı kamalım? Varım gedim bir ustaddan dərs alım? Oxudum, öyrəndim, oldu öz malım, Bizdən ustadlara nəf rəhmətdi. * * * Xanım Atan köpək saldı məndən aralı, Astadan göz yaşın süzdürən xanım. İki cavan, iki könlü yaralı, Səni o, çal oldu bezdirən, xanım. Aldanıb dövlətə, gəldinmi cana, Ağlayıb bağrımı döndərmə qana. Hacı büləndirib al-əlvan dona, Yaxasına dürrü düzdürən xanım. Məmmədhüseynə yoxsul dedin ar oldu, Əldən uçdun dünya mənə dar oldu. Nədən belə o, gül camalın soldu, Adını dillərdə gəzdirən xanım. * * * Xas-xas (xətəngi) Bir gözəl görmüşəm xub yaxasında, Əyninə geyinib ətlazı, xas-xas. Seyraqublar durub yol kənarında, İşi ras gəlmədi nə oldu pəs-pəs. Qorxum yoxdu nə sultannan, nə xannan, Bu dünyada olma könül yıxannan. Cəhd eylə bir pis söz çıxmasın sənnən, Yazıqsan deyərlər səsini kəs-kəs. Məmmədhüseyn deyər, mənlə toylaşma, Dərin-dərin dəryalarla boylaşma. Bacarmazsan hər adamla, soylaşma, Nə zaman güləşsən cəhd elə bas-bas. * * * Xəbər al, deyim Qoç igidlər, ərəb atlar meydandı, Müxənnət sərindən tökülən qandı. Birinci imamımız Şahi-Mərdandı, İkinci imamı xəbər al, deyim. Atını minəndə yel kimi əsən, Üç günlük yolları bir günə kəsən. İkinci imamımız İmami Həsən, Üçüncü imamı xəbər al, deyim. Kərbəla dəştindən gəlmişdir meyin, Yezidlər boynuna götürdü deyin. Üçüncü imamımız İmami Hüseyn, Dördüncü imamı xəbər al, deyim. Bahar olcaq dağlar geyər abı don, Din içində din bəsləmiş abı din. Dördüncü imamımız Zeynalabdin, Beşinci imamı xəbər al, deyim. Adları böyükdür, yolları ağır, Bir dara düşəndə onları çağır. Beşinci imamımız Məhəmməd Bağır, Altıncı imamı xəbər al, deyim. Dünyaya gəlmişdi bir belə sadiq, Dünya malın yığdıq, yığdıq budadıq. Altıncı imamımız Cəfəri Sadiq, Yeddinci imamı xəbər al, deyim. Quranda oxurlar Əliyyül Əzim, Dəftər-qələm gətir dərdimi yazım. Yeddinci imamımız Museyi Kazım, Səkkizinci imamı xəbər al, deyim. Tut orucu, meyil eylə namaza, Qoyma qala qəza, verərlər cəza. Səkkizinci imamımız imami Rza, Doqquzuncu imamı xəbər al, deyim. Səkkizi cənnətdi, səkkizdə bağı, Dolanıb gəşt eylər onlar bir bağı. Doqquzuncu imamımız Məhəmməd Tağı, Onuncu imamı xəbər al, deyim. Bir neçə hümmətin Əlidir sağı, Çəkə Zülfüqarı, bölə bu dağı. Onuncu imamımız Əliyyən Nağı, On birinci imamı xəbər al, deyim. Səhər-səhər dan yelləri əs barı, Münkür olan bəndələri kəs barı. On birinci imamımız Həsən Əsgəri, On ikinci imamı xəbər al, deyim. Məmmədhüseyn deyər, tamamdı-tamam, Mömünlər könlünə salıbsan güman. On ikinci imam Sahibəzzaman, Bu dünyada Quran, axirətdə iman. Onlardan vacibin xəbər al, deyim. * * * Xoşqədəm Qədəmin xoş, camalın xoş, özün xoş, Heyif, qismət oldun yada, Xoşqədəm. Şirin-şirin söhbətin xoş, sözün xoş, Uzaq olsun səndən qada, Xoşqədəm. Asta yeri, asta danış, asta gül, Göyərçinsən, qon sinəmin üstə, gül. Sənin qədrin bilməz hər naşı bülbül, Əbəs vermə ömrü bada, Xoşqədəm. Qara qaşın sürməsiz də qaradı, Xatırlatma, bağrım başı yaradı. Məmmədhüseynin qəlbi sənlə paradı, Sən Allah, sən də sal yada, Xoşqədəm. * * * İndi Haqq yanında budur sözüm əzəli, Əs ey gözüm, badı murad, əs indi. Aləmə muradın verə ney yeli, Əs ey gözüm, badı murad, əs indi. Ərənlər sərvəri ya Şahi-Vəli, Ərşin sütunusan, yerin ləngəri. Cəbrayıl şapərin çöyür sən bəri, Əs ey gözüm, badı murad, əs indi. Məmmədhüseyn deyər, Xızır peyğəmbər, Yetişsin dadıma mətləb verənlər, Yön çöyürüb sənə dostum deyənlər, Əs ey gözüm, badı murad, əs indi. * * * İslama vacib Suliddin beşdir islama vacib, Əvvəli tövhiddir Rəbbim xəbərdar. Təvəlla-təbərra zülmən mil ibad, Bərhəqqi adildi o pərvərdigar. Üçüncü nübüvvətdi yəni peyğəmbər, Dördüncü imamətdi bərhəqdi onlar. Rözeyi məhşərdə şəfa qılanlar, Mömünə behiştdə yer verər onlar. Fəmalla, fəballa dostunu tanı, Haqq bil peyğəmbəri mövlanı tanı. Yüz on dörd surədi haqqın Quranı, Oxuyar, anlayar alim olanlar. Haqq özü buyurub söyləyir kəlam, Şəfa dilər ondan cümleyi-aləm. Vacibdir islama məsail tamam, Utanar imamdan münkür olanlar. Cəhalət qalmasın, qılın namazı, Axirətdə yetər onun əvəzi. Ölmək-dirilmək mizan tərəzi, Gərəkdi bilsinlər mömün olanlar. Altı şey vacibdir, əvvəl təharət, Xalis su ilə alın, olmaz şiləkət. Eyni nəcabəti püşdünə öyrət, Utanmaz fitnəyə qüsul verənlər. Vaxtı hədər keçirməyin, vədəni, Vaxtı düz bilin, gözləyin Kəbəni. Ca qəsbi, cama qəsbi yetim olanlar, Qoy onlar da bilsinlər namaz qılsınlar. Niyyət, qiyam, tək bir ehram, Əlhəm, qiraət, qülhüvallahın əhəd. Rükudu, səcdədi, təşəhhüd, salam, Bil onlardı islama vacib olanlar. Müctəhid rəyi ilə təğlidin bəhsi, On yeddi rükətdi, beş vaxt əsası. Altı min altı yüz altmış altı ayəsi, Doxsan min kəlmədə oxunar aşkar. Oruc, namaz, somu, salat biləsiz, Gəlsə müşdəmeylik Həccə gedəsiz. Haqq yanında olmayacaq əvəzsiz, Şəfsi şeytandan çox cəhətimiz var. Aləmi-ərşi Rəbbim qeyiblər bilər, Adildir, Kərimdir şəfayət qılar. Qorxmayın məhşərdə köməyə gələr, Məkanı qəlbdədi, mömün olanlar. Pəs yumşaq məna verir sübhana, Müvəkkilim sadiqdir zəmani əsmana. Sadiqdir, doğruluğu verir bəyana, Bunlardır Rəbbimə sait olanlar. Nə ərəsdi, nə mürəkkəb, nə cövhər, Heyyas üstümüzdə durub rəhbər. La şərikdir, la məkanın söyləyər, Əlli üç məsail eylədim təyyar. Məmmədhüseyn ümid Xudanı bilir, Din Məhəmməd, kəlam “Quranı” bilir. Nəsil-nəcabəti imamı bilir, Cəfər məzhəbinə etiqat bağlar. * * * İstə Arsız olub, hədyan deyib – danışma, Danış sən sözünü namus, ar üstə. Göz dikib güvənmə özgə malına, Halaldan özünə dövlət, var istə. Neynirsən zəhmətsiz yığılan varı, Dünyanın gözəli bivəfa yarı. Ah çəkib çəkərsən çox intizarı, Ömrə müştaq bir vəfalı yar istə. Bəslə sən aranda meyvəli bağı, Xoş günün bəzəsin büllur otağı. Yay fəsli arzula bircə ay dağı, Dağlar damənindən buzlu qar istə. Məmmədhüseyn, kim tutubdu dünyanı, Udur qara torpaq sultanı, xanı. Alıb ağuşuna bir Züleyxanı, Behişti əladan bir cüt nar istə. * * * İstəmirəm Viran qalsın belə dövran, zamana, Bez tapılsa ipək, şal istəmirəm. Qədəhdən, mədəhdən geysə uşaqlar, Özgə bəzənməyə al istəmirəm. Birisi bəyənmir, neynək qumaşı, Birisi acından tökür göz yaşı. Yoxsulluq tanımır qohum-qardaşı, Ruzumuz olarsa, mal istəmirəm. Fələk işi əyib müşkülə salır, Kasıbın, yoxsulun canını alır. Yaman gün çəkməkdən olmuşuq yağır, Qəzadan qorxuram, qal istəmirəm. Varlıya, qazıya, bir söz deyəndə, Məsləhətdir heç gəlməmək bu kəndə. Saqqalın ağ çağı, bu müşkül gündə, Dağlara, daşlara yol istəmirəm. Qoysunlar dinc yeyək yavan çörəyi, Açmasınlar başa min cür kələyi. Məmmədhüseynin budur haqdan diləyi, Zəhmətsiz şəkər, yağ, bal istəmirəm. * * * Keçdi Sərçeşmə başında bir şux nazənin, Əlində bir dəstə gül gəldi keçdi. Soyuq bir vəlvələ saldı canıma, Sandım qarşı dağdan yel gəldi keçdi. Dedim: – Bir cam su ver, qoyma ki, yanam, Dedi: – Uzaqda dur, şəklənər anam. Dedim: – Tərpənməyə yoxdu tavanam, Cavab qaytarınca il gəldi keçdi. Dedim: – Bu xəlvətdə gəl qəmzə satma! Dedi: – Məmmədhüseyn, sözü uzatma! Dedim: – Xətəngini sinəmə atma! Atdı, qan eylədi, sel gəldi keçdi. * * * Kimi Kim bilir çəkmədim nə intizarlar, Alagöz yarıma çatana kimi. Dözdüm hər cəfaya, hər əziyyətə, Hicranın daşını atana kimi. Dar gündə də yar düşmədi dilimdən, Ayrılmadım mən obamdan, elimdən. Əğyar yaxa qurtarmadı əlimdən, Qovdum əhvalını bulana kimi. Məmmədhüseynə bir din-iman var olar, Xudadan düzlərə Xudam yar olar. İbadət dilimdə hər vaxt car olar, Güntək qürub edib batana kimi. * * * Könül Ay ağalar, gəlin vəsfin söyləyim, Heç bilmirəm birdən puş olur könül. Birdən dərviş olur, eldən dolanır, Birdən bəzirgannan xoş olur könül. Birdən dəryalarda qarğı-qamışdır, Birdən bostanlarda dürrü yemişdir, Birdən əşrəfidir, birdən gümüşdür, Birdən pas tutana tuş olur könül. Ay ağalar, birdən coşur, atlanır, Birdən xışmalanır, yenə qatlanır. Birdən şəkər olur, baldan dadlanır, Hardandı bu çönmə çaş olur könül. Məmmədhüseyn deyər, könül ayrılmaz, Ərəb at yorulsa, könül yorulmaz. Könül bir şüşədir, sınsa sarınmaz, Sarsan da qanadsız quş olur könül. * * * Qabaqda Səhrin şöləsində buldum bələdi, Xoş gəldi xoşuma halı qabaqda. Pir mənə göstərdi şah məqamını, Cəmli gördüm çox cəlalı qabaqda. Neçə sirr gördüm, sirr qaldım aşkar, Səxavət əhlini yandırarmı nar. Salavatnan işlər hər dükan, bazar, Zay olmaz dünyanın malı qabaqda. Neçə taxt qurulub nuru münəvvər, Neçəsi zəbərcət, neçəsi gövhər. Səf-səf olub sağda, solda mələklər, Yahu-yahu deyər, qulu qabaqda. Yahu deyib bir-birinə uydular, Yamənhu deyəndə təam qoydular. Cümlə-məxluq yeməmişdən doydular, Məcməyilər qaldı dolu qabaqda. Bizə vacib olan somu salatdan, Təmiz ver qalmasın xümsü zəkatdan. Məmmədhüseyn xof etmə polu siratdan, İrəhbərdi Cənab Əli qabaqda. * * * Qadan alım Asta yeri, izin ilə gəzən var, Ayaq saxla, dərdim bil, qadan alım. Mən sənə can deyim, sən də mənə yar, Hərdən şirin-şirin gül, qadan alım. Eşqinlə yaşadım uzun illəri, Məcnuntək dolandım sizin elləri. Görmürəm üzünü nə vaxtdan bəri, Axan göz yaşımı sil, qadan alım. Məmmədhüseynin eşqi, sözü, istəyi, Xoş arzusu, xoş söhbəti, diləyi, Gəl insafa, at üzündən örpəyi, Həsrətli könlümü al, qadan alım. * * * Qalasan Məndən yara yaxşı-yaman qandıran, Görüm yar üzünə həsrət qalasan. Fel işlədib çırağımı söndürən, Heyva kimi saralasan, solasan. Mən ki, ona qurban dedim canımı, Halal etdim, öldürsə də qanımı. Aldın əldən şövkətimi, şanımı, Ay bədnəzər, odlanasan, yanasan. Bülbül gülsüz, gül bülbülsüz qan ağlar, Üzər möhnət, gedər şirin can, ağlar. Çəkiləydi sinən üstə bu dağlar, Mənim kimi sən də nakam olasan. Gecə-gündüz fəğanıma el gələr, Ürəyimdə qanlar axar sel gələr. Yar həsrəti cavan qəddimi əyər, Sən də belə qəm-qüssədən doyasan. Məmmədhüseyn qarğımasın, neyləsin, Kim qıyar gülünü yadlar iyləsin. Yağı düşmən yaxşı qurdu hiyləsin, Fələk qoymur, kimdən qisas alasan. * * * Qalmaya Çəkdim mən bu dərdi zimistan boyu, Ömür xoş bahara qala, qalmaya. Nişanlıyam, – dedin, etmədim toyu, Qorxuram gülşənim sola, qalmaya. Yaman olub tale gülmür üzümə, Rüşvətim yox, baxan yoxdu sözümə. Əyri baxır kəm adamlar üzümə, Dərd odu ki, yar da uya, qalmaya. Bu zəmanə bədnəzərlik zamanı, Yoxsula, haqlıya vermir amanı. Məmmədhüseyn düz yol-ərkan, din anı, Tut götür qaç, bəlkə qala, qalmaya. * * * Qaralanmışam Qoca baba, heç soruşma halımı, Şahindim, köksümdən yaralanmışam. Bağladığım kəsdən xoş iqbalımı, Xeyli zamandır ki, aralanmışam. Tərk eyləyən gündən obanı, eli, Büsatlı dağlara üz çevirəli. Məskən eyləmişəm çəməni, çölü, Güllərin ətrindən qidalanmışam. Yol gözləyir haqdan dilək diləyən, Dörd divarda ondan kömək istəyən. Hacı oldu baba, işimi əyən, Haqqın dəftərindən qaralanmışam. * * * Qayıda Yar sallana çıxa sürəngahına, Gecəni yanımda qala, qayıda. Qurtara hicrandan xəstə canımı, Ya sevə, ya canımı ala, qayıda. Bir yar ola, bir çəmənlik, bir də mən, İnciməyə, mən də tutam əlindən. Deyib-gülə öpəm şirin dilindən, Qadasın canıma sala, qayıda. Qaymaq dodaq dodağıma söykənə, Baş qarışa, nə də səbir tükənə. Qalaq axşam qaranlıqlar çəkənə, Yar görüşdən meyxoş ola, qayıda. Məmmədhüseyni heç salmaya həsrətə, Xəsislik etməyə keyfə, işrətə. Qol-boyun olasan nə də vaxt ötə, O dilbər yenidən dala, qayıda. * * * Qayıtdı Bir maral balası, tərlan cilvəli, Gəldi, məni gördü, baxdı, qayıtdı. Pünhanı göstərdi gül camalını, Tər üzünə şəbnəm axdı, qayıtdı. Mən görmüşəm gözəllərin çoxunu, Belə olmaz amma boyu-buxunu. Müjganından çəkdi xatəm oxunu, Yaralı sinəmə çaxdı, qayıtdı. Gözləyərkən gözlərimə sataşdı, Müjgan könlüm eşq oduna alışdı. Şəhrahidan qıyqac baxıb ötüşdü, Məmmədhüseyni oda yaxdı, qayıtdı. * * * Qızlar Tovuzquşu kimi bəzənifsiniz, Baxışdan dağların ceyranı, qızlar. Elə baxıb könlüm evin dağıtma, Olum o gözlərin heyranı, qızlar. Dişləri incidir, dodaqlar şəkər, Belə yarım olsa! – nə qəm, – nə kədər. Tapmadım heç yerdə siz təki dilbər, Gəzmişəm İranı, Turanı qızlar. Sanki qızılgüldür, açmış yanaqlar, İti xəncər kimi can alır gözlər. Gəliniz vəd edək, düz çıxsın ilqar, Valeh edirsiniz insanı qızlar. Ox, yay yarasına yara demərəm, Namərd gülləsindən heç vaxt sönmərəm. Vurdu lap sinəmdən nazlı bir sənəm, İncitməyin dərdli olanı, qızlar. Şair Məmmədhüseynəm, özünüz bilin, Qırmayın qəlbini bir əncam çəkin. İztirab veribən çox incitməyin, Aşkar odunuza yananı, qızlar. * * * Qocaldım Heyif, cavanlığım getdi əlimdən, Əməyim əlimdə qaldı, qocaldım. Bağ bəslədim, iyləmədim gülündən, Vədəsiz əlimdə soldu, qocaldım. Qəm məni çulğadı, dəryaya daldım, Huş getdi başımdan divanə oldum. Heyvatək saralıb, gül təki soldum, El məni nəzərdən saldı, qocaldım. Yatmışdım qəflətdən qəfil oyandım, Dəryatək çalxandım, seltək bulandım. Aldım mən əlimə əsa dayandım, Sənəmlər də mənə güldü, qocaldım. Dərd əhliydim, dərdim artdı təzədən, Haqq saxlasın müxənnəsdən, nakəsdən. Ət tökülüb bədənimdə o gündən, Görən deyir: “Bu nə haldı”, – qocaldım. Məmmədhüseynəm, keçdi günüm, xoş çağım, Səfalı guşələr mənim oylağım. Eşqiylə coşduğum Tərsə yaylağım, Mənə bir keçilməz yoldu, qocaldım. * * * Məni Leyli kimi vədə verdin, gəlmədin, Məcnun kimi saldın dağlara məni. Bədəsil xoryadı bağban eylədin, Qoymadın bağçaya, bağlara məni. Zimistanda, hər payızda, hər yayda, Hər saatda, hər həftədə, hər ayda. Hər şivədə, hər ağıda, hər vayda, Həmişə qatginən ağlara məni. Məmmədhüseyn deyər, qurban yar sənə, Sağlığında verrəm ixtiyar sənə. Mən öləndə vəsiyyətim var sənə, Öz əlinlə bükdür ağlara məni. * * * Mənim Ay ağalar, nə bəlalı qul oldum, Tapılmır dərdimə dəvalar mənim. Fitnəkar kəslərin hökmü ucundan Vurulur sinəmə yaralar mənim. Baş götürüb çıxdım Göyçə elindən, Yağı düşmən oyanmamış yerindən. Ay ellər, düşmüşəm haqq nəzərindən, Gəlibdir başıma bəlalar mənim. Şikəstə könlümün gözləri nəmli, Sinəm dərdli, həm qəmli, həm vərəmli. Bir mirzə istərəm əli qələmli, Mən deyəm, dərdimi yazalar mənim. Baş ağardı, qədd əyildi, qocaldım, Günüm keçdi, sədd əyildi, qocaldım. Fələk əydi yaman günlərə qaldım, Dərdim olub geniş dəryalar mənim. Məmmədhüseyn, dünya fanidir, fani, Taxtından endirdi çox Süleymanı. Haraya çağırdım Şahi-Mərdanı, Yetişsin dadıma ağalar mənim. * * * Mənim Qürbət eldə, yad məkanda qalmışam, Yoxdur bir yadına salanım mənim. Qüssədən alışıb yanan olmuşam, Hanı o, qayğıma qalanım mənim. Gündə üç yol dolanırdım başına, Qail idi mülkə, torpaq, daşıma. Fələk yaxşı zəhər qatdı aşıma, Hanı bir qisasım alanım mənim. Könül yaman dərdə, qəmə batıbdır, Bir əzabdan o birinə çatıbdır. Məmmədhüseyn, oyan bəxtin yatıbdır, Hanı qəm əlindən alanım mənim. * * * Mollanın Ay hazarat, ar etmirəm deməyə, Çatıbdır yalanı dizə, mollanın. Çox ustadır qara toyuq yeməyə, Odur ki sözü var sizə, mollanın. Evinə gedənin baxır əlinə, Əl dolusa tez dən verir dilinə. Xətri istəyəndə gətirdər yenə, Çıxıbdır hiyləsi üzə, mollanın. Bir pitik duası min hoqqa bəzər, İşdi az gəlibsə əl muzdu əgər. Məmmədhüseyn deyər, çəkəsiz həzər, Xətəri dəyməsin bizə, mollanın. * * * Nan verir (qıfılbənd) İki yatmış gördüm bir dam içində, Nəfəsi həm atəş, həm duman verir. Neçə qoca gördüm onun önündə, Dəyişib görkəmin çox cavan verir. Hər elin, obanın olur gərəyi, İki bəşər ona verir köməyi. Zəhər olsa bənayəmin yeməyi, Onlara dərmanı bu loğman verir. Gah tərpənir, gah dayanıb dururlar, Əziz qonaq kimi məskan qururlar. Necə xanələrə zinət vururlar, Zinətə çeşnini bir insan verir. Arif olan bu mətləbdən söz qanar, Ağzından od tökər, kürətək yanar. Yaşlıya rəhm edər, mərhəmət qılar, Ölünü dirildib təzə can verir. Məmmədhüseyn deyər, budur nişanı, Gizlənməz heç kimdən, gəzməz pünhanı. Dolanar vüqarla gəzər hər yanı, Cəmi məxluq o, kəslərə nan verir. * * * Neçədir (qıfılbənd) Məndən salam olsun arif olana, Bu dünyada zahir olan neçədir? Ərşdə cəm olunan əziz Quranın, İçində yazılan nunu neçədir? Hümmət olan əzizliklə oxurlar, Cəmi məxluqatlar ona baxırlar. Mən bilirəm səndən xəbər alırlar, Quranın içində sini neçədir? Məmmədhüseynəm, dürüst mənə bax indi, Deməynən ki, bir gədaydı toxundu. Ərşdə Quran cəm olundu oxundu, Quranın içində mimi neçədir? * * * Neynirəm Ağlayıb göz yaşın leysan eyləmə, Yad dərib iyləyən gülü neynirəm? Tez doyub irzikdin niyə Hacıdan, Satılıb-alınan qulu neynirəm? Öz yoxsulca süfrəm, halal zəhmətim, Bu süfrəmi sevən külüm-külfətim. Beyilqarla nədi mənim ülfətim, Olsa qızıl mücrüm dolu, neynirəm. Məmmədhüseynəm, haqdan düzlük dilərəm, Əməlimlə qəmlənərəm, gülərəm. Gözü yaşlı görsəm həmən silərəm, Əyri işə gen-bol yolu neynirəm. * * * Nə deyim Qadir Allah, sənsən mənim pənahım, Qanlı leşkər hücum etsə, nə deyim? Bu dünyada gizli olan günahım, Qiyamətdə aşkar olsa, nə deyim? Bir ağrı ki, başdan yenəndə cana, Əcəl gəlib ömür yetər bədfəna. Əzrayıl xışmanın vuranda qana, Haqq əmridi, canım alsa nə deyim? Qadir Allah, sən rəhm eylə naçara, Qoyun necə tab gətirsin bıçağa. Qoyallar məzara, bükəllər ağa, İnkir, minkir sual etsə nə deyim? Bu sözlərim mütəllifə yetməsə, Qəbul olub həmdi surəm ötməsə. Kəlmə danışmağı dilim tutmasa, Əzrayıl gürzünü çalsa, nə deyim? Məmmədhüseyn doymaz dünya bəhsindən, Oxumamış əlif beydən, yasindən. Nəkrailin qilü-qallı səsindən, Məzar qızıb odla dolsa, nə deyim? * * * Nə dəmi Ləblərindən əmər olsam peyvəstə, Abi-həyat aramağın nə dəmi. Sən könlümü oxşar olsan ahəstə, Huri-mələk soramağın nə dəmi. Yetişər olarsam sərvirəvanə, Elə billəm çıxdım güllü-gülşanə. Pərişan zülfün, yaraşıqsa hüsnünə, Bir də çəkib daramağın, nə dəmi. Məmmədhüseynlə gəl ol pərim, rubaru, Mən də çatım kama, a gözüm nuru. Ötüb var ömrünün incisi, dürü, Qalıb evdə qarımağın nə dəmi. * * * Nə var Kasıba, yoxsula, elə dolaşan, Zatdan qırıq olar, qayğıdan kənar. Hər çirkin əmələ yol verər insan, Əgər gözləməsə, namus, qeyrət, ar. “Beş günlük” dünyadı, beş gün yaşarsan, Yaxşılıq et, ad-san qazan bacarsan. İmanı unudub, əyri iş tutsan, Axır gündə olmaz sənə Xudam yar. Məmmədhüseyn insan olan kəslərə, Can qurban eyləyər gündə min kərə. Hər kəs əməlindən gedər məhşərə, Səxavət əhlinə nə dövlət, nə var. * * * Niyə olub Sərvəti olana gen olan dünya, Görəsən kasıba dar niyə olub? Belə sahibsizmi zaman, Xudaya! Tərlan olan yerdə sar niyə olub? Oğrular, əyrilər çapdı, taladı, Bu eli, obanı oda qaladı. Pristavdı, nədi necə tuladı, Beləsinə Allah yar niyə olub? Oğrular at çapır kəndin içində, İşi yox kotanda, əkin, biçində. Beş-on ev aparır bir gün içində, Dövran ədalətsiz var niyə olub? Kim-kimə istəsə süyüyür xəncər, Aralıq qatılar, məğşuşluq düşər. İtər hədər yerə on-onbeş nəfər, Əməl olunmursa ar niyə olub? Şəriət yox, din-iman yox, insaf yox, Fırıldaqçı qazılar çox, molla çox. Kimi ac-yalavac, kimi şişkin tox, El çılpaqdı, çovğun, qar niyə olub? Biri ata minir, bəy, xanam deyir, Biri qolu zorlu, gücsüzü döyür. Alır ruzisini min söyüş söyür, Xalq hər sərsəridən zar niyə olub? Məmmədhüseynə dövran acı, gün acı, Haqqın, ədalətin olduq möhtacı. Min iş tutur Məşədi, o mömin Hacı, Din-ərkan dillərdə car niyə olub? * * * Nur Gözüm açdım mayıl oldum humaya, Dəryası nur, cəzrəsi nur, dağı nur. Qırx iki şam yanır onun içində, Piltəsi nur, çırağı nur, yağı nur. Bilmək olmaz nədi onun bənası, Haqq yanında qəbul olur duası. Qönçeyi məhbubu tər şamaması, Bağçası nur, bağbanı nur, bağı nur. Talib olan ol Xudaynan birdil ər, Məmmədhüseyn o Xudadan bir dilər. On iki imam şərafətdə birdilər, Əbrahı nur, uruhu nur, sağı nur. * * * Oxşa məni Mehriban sənəmim, şöhrətim mənim, Aşiqinəm dərdim bil, oxşa məni. Hicranın güclüdür dözməyir qəlbim, Astadan üzümə gül, oxşa məni. Özün etdin məni dərdə mübtəla, A qaşları qara, a gözü ala. Qoyma bu dərd məndə ömürlük qala, A bəstə boy, şirin dil, oxşa məni. Mail olub səndə bu yetkin çağa, Məmmədhüseyn canın verdi sadağa. Kim can deməz sənin kimi qonağa, Qal yanımda bütün il, oxşa məni. * * * Oxşayır Danışdığın peyğəmbərin yoludu, Tutduğun yol ayrı yola oxşayır. Tovlamaqda arvadların başını, Getdiyin yol əyri yola oxşayır. Söz açırsan Məhəmməddən, Əlidən, Heç geri qalmazsan amma zəlidən. Pay umursan qəbrə gedən ölüdən, İşləklərin tamam ala oxşayır. Məmmədhüseyn, sidqin düzdü Xudadan, Haqq özü saxlayır onu qadadan. Ya şeytansan, ya da şeytan aldadan, Molla, əkdiyin gül kola oxşayır. * * * Ola Hər yetənə yar deyib, yar arama, Yar axtar ki, ömür boyu yar ola. Çətin gündə, yaman gündə, xoş gündə, Həmdəm ola, sirdaş ola, var ola. Can deyəsən, can eşidə, can deyə, Məhəl qoya qohum ilə özgəyə. Qarışmaya hər qovğaya, hər küyə, İnsanlıq dilində müdam car ola. Məmmədhüseynin ömrü yetib yarıya, Söhbət salmaz bəd əməli arıya. Gözəl-göyçək zülfün çəkib darıya, Əzgin gəzmək, pinti gəzmək ar ola. * * * Olarmış Neçə gündür boğur məni bu qəhər, Yoxsulluq insana nə pis olarmış. Varı olan keçib başda əyləşər, Yoxsul olsa ayaqlarda qalarmış. Əldə varı olan adam sayılar, Yatmış olsa qəflətindən ayılar. Xeyir-şər olanda əzəl çağrılar, Yoxsul olsa hamı yaddan salarmış. Məmmədhüseynəm, qanad çaldım havada, Tərlan idim şikar aldım davada. Qocalmışam indi qaldım yuvada, Tərlan şikarını sar da alarmış. * * * Olaydı Yuxuda gördüyüm, nolaydı, birdən, Gözümün önündə aşkar olaydı. Açılaydı hava, çəkiləydi çən, Qarşımda alagöz Gülzar olaydı. O maral duruşlu, o ceyran gözlü, O işvəli, nazlı, o şirin sözlü. O dünya gözəli, o ayna üzlü, O könlü qürurlu dildar olaydı. Məmmədhüseyn asılaydı boynuna, Gizli, aşkar əl ataydı qoynuna. Könül alıb çəkiləydi bir yana, Bu möhüvü düzən o, yar olaydı. * * * Olmadı Fələk əydi ayrı düşdüm elimdən, Bəxtim yatdı, hala yanan olmadı. Həsrət qoydu məni zaman gülümdən, Anlayıb dərdimi qanan olmadı. Bir gözəlin eşqi düşdü başıma, Yaman səda gəlib çatdı guşuma. O, pərimdi səbəb bu göz yaşıma, Heç olmasa əhdi danan olmadı. Məmmədhüseyn ahu-zarda qalıbdır, Didərgindi yad diyarda qalıbdır. Peyman etdim yarım harda qalıbdır, Mənim bu halımı duyan olmadı. * * * Olmaya Düz ola ürəklər, saf ola qəlblər, Oğurluq, əyrilik, yalan olmaya. Bütün xəlq olunmuş bilməyə kədər, Qüssədən gözləri dolan olmaya. Nə bəy ola, nə bir nökər, nə də xan, Düz yola-ərkana çalışa insan. Adəm nəvələri olub mehriban, Şahmar kimi eli çalan olmaya. Rəhmə gələ pristavlar, ağalar, Rahat yata beşikdəki çağalar. Tamahkarlar tamahını boğalar, Elin var-dövləti talan olmaya. Kəsilə çaxnaşma, məğşuşluq yata, Adamlar pisliyin daşını ata. Yazıq kasıblar da xoş günə çata, Kədərdən saralıb, solan olmaya. Məmmədhüseyn elnən tapa güzəran, Hər yanda can deyə, can eşidə, can. Görünməyə gözə yaralı ceyran, Dərd gətirən acı zaman olmaya. * * * Olmaz Valehin olmuşam, kərəm eyləsən, Dilbərə dilimdən can əskik olmaz. Qurbanı kəsərəm qurban üstündən, Nə bir, nə beş, nə on, san əskik olmaz. Dolannam başına gündə üç kərə, Yolunda xəsislik etmərəm sərə. Həmdəm ola mənə, o, könül verə, Xoş deyib-güldüyüm an əskik olmaz. Məmmədhüseynəm, al qumaşa bəzərəm, Qulluğunda sağa-sola süzərəm. Dil verməsə Yarəb, necə dözərəm, Dil versə ipək şal, don əskik olmaz. * * * Salatın Ağ köynəyə min cür çeşni vurubsan, Heyranam əlində milə, Salatın. Cilvələnib nə qarşımda durubsan, Tərifin sığmayır dilə, Salatın. O qaş-gözün, ay camalın, ay üzün, Bir kimsəyə olmaz əsla tay üzün. Nola bir gələsən bizə pay özün, Əhdim budur dərdim bilə, Salatın. Məmmədhüseyn gözlərinin müştaqı, Bülbül olub gəzər bağçanı, bağı. Zülfünün qarası, qaşının tağı, Səda salıb tamam elə, Salatın. * * * Sən Deyirəm bəs dostum, niyə düşübsən, Demə urcahsanmış bəd əsilə sən. Aramamış sən əslini, soyunu, Uymusan o vaxtdan xoş camala sən. Söz deməmiş qabağından dönərmiş, Alışanda çətin ki o sönərmiş. Utanmasa palanlayıb minərmiş, Əcabə çatmısan xoş vüsala sən. Yumruq ilə sənə könül hörəndə, Məmmədhüseynin yandı qəlbi görəndə. Yazıq uşaqlar da pərən-pərəndə, Batmısanmış tamam yağa, bala sən. * * * Sənə qurban Gördüm səni qızılgültək açanda, Bir gecə mehmanım ol, sənə qurban. İncə belə əl atanda, qucanda, Danış şirin-şirin dil, sənə qurban. Nazın çəkdim, naz götürən deyildim, Dözmədim mən qarşında çox əyildim. Naz-qəmzə satmaqda dərdini bildim, Üz çevir, bizə gəl, yol sənə qurban. Məmmədhüseyni yaxşı bəndə salıbsan, Olan səbri-qərarını alıbsan. Əsirgəmə ləbin hureyi-qılman, Könül rübabımı çal, sənə qurban. * * * Sənə qurban Bir arzum var, bir istəyim, diləyim, O da vüsalındır, yar sənə qurban. Sənsən ömrüm, sənsən gülüm, diləyim, Sən də baxma mənə xor, sənə qurban. Əl atanda turunc narın oynasın, Havalansın qara gözlər qaynasın. Gəl sındırma taleyimin aynasın, Etmə bu ülfətə ar, sənə qurban. İlk ovumda sən çıxmısan güzara, Sənsən hər dərdimə eyləyən çara. Məmmədhüseyn uymaz özgə dildara, Sənintək qismətim var, sənə qurban. * * * Sığal verib Gözucu məclisə nəzər yetirdim, Gördüm ki, telinə yar, sığal verib. Astadan içimdə köksüm ötürdüm, Gözəllik hüsnündə var, sığal verib. Şux əndamı əndamların içində, Tək yaranıb, kimdir belə biçimdə. Sərraf gözüm yaxşı seçib seçimdə, Edib gözəlləri xar, sığal verib. Məmmədhüseyn gördü, artdı həvəsi, Hər gəldikcə qulağına xoş səsi. Xanımların yığvalımın töhfəsi, Eyləyib günümü dar, sığal verib. * * * Sinəm üstə Xub yaraşır sənə əlindəki gül, Mən səni oxşayam, tax sinəm üstə. Başın qoy döşümə yat xumar-xumar, Busədən ayılıb bax sinəm üstə. Nə sözümdən inci, nə özümdən küs, Qoy gülsün üzümə o, sevimli üz. Deyincə ki, şair məndən əlin üz, Al iti xəncəri çax sinəm üstə. Məmmədhüseynin sənsən əzəl vüqarı, Ömürlük solmayan xoş laləzarı. Ey aşiq könlümün bağçası, barı, Şirin arzu kimi ax sinəm üstə. * * * Tava Sübh tezdən asılıbsan ocağa, Nə olar, ar edib bişəsən, tava. Bu necə hörmətdi gələn qonağa, Baxmaqdan yoruldum buxcaqdan qova. Qohum bildim, bura mehman gətirdim, Ac gəlmişdim özüm zorla yetirdim. Hərə bir tərəfdə qeydə qalan kim, Cənnətlikdi edən dərdimə dava. Qarı nənə qalamayır altını, Gorbagordur, tanıyıram zatını. Tuta bir də siztək qohum adını, Məmmədhüseynə olsun min tova-tova. * * * Uzaqdasan Könlüm istər səni, çatmayır ünüm, Həsrətin öldürür, yar, uzaqdasan. Zəhrimara dönüb yalqızam, gülüm, Sonsuz məhəbbətim var, uzaqdasan. Gecəni, gündüzü dar bula-bula, Baxıram sən keçən cığıra, yola. Qorxuram, görməyəm tez ömür sola, Olmusan dilimdə car, uzaqdasan. Məmmədhüseyni fələk yaxşı qınadı, Güldürdü üstünə qohumu, yadı. Bu dərd ilə odlanadı, yanadı, Sərviboy sinəsi qar, uzaqdasan. * * * Üçün Püf eylə qoy sönsün, söndürmək asan, Kəramətin varmı qalamaq üçün. Gül kimi ətir saç, təravətli ol, Yaşama tikantək, dalamaq üçün. Eşit, gör nə deyir yaxınım-yadım, Şər ilə şeytanla çəkilmir adım. Mən elə dost dedim, dost soraqladım, Qollarım boynuna dolamaq üçün. Bəzi haqqı danır, görürsən birdən, Bəzi baş çıxardır, yüz cürə sirdən. Axmaq zinət verir özünə zərdən, Yaltaq quyruq taxır, bulamaq üçün. İrişir üzünə, arxadan vurur, Gəzir el içində şah kimi durur. Yüz əməl işlədir, min kələk qurur, Yaxşını yamana calamaq üçün. Toxgöz aclığını bəyan eyləməz, Heç kəsə söz deməz, əyan eyləməz. Acgöz tox olsa da, toxam söyləməz, Gözü sini gəzər yalamaq üçün. Məmmədhüseyn deyər, eşidin barı, Dünyada qalacaq dünyanın varı. Qartal qanad çalar zirvəyə sarı, Bayquş viran gəzər ulamaq üçün. * * * Ürəyimə Al qələmi hazır eylə əlində, İsmini nəqş eylə, yaz ürəyimə. Sonasan, üzürsən eşqin gölündə, Gəlibdi qoy deyim söz ürəyimə. Dərdindən, nainsaf olmuşam dəli, Bir dəfə üz tutub demirsən bəli. Gözlədim, gələsən bu neçə ili, Hicran qəmini sal, az ürəyimə. Məmmədhüseynin səndən özgə kimi var, A gözü piyalə, a zülfü şahmar. Qurban ollam sənə, eyləmərəm ar, Sən də ləkə salma, saz ürəyimə. * * * Var Süzdür ala gözü, al bu canımı, Neçə ki, dünyada gəlhagəlin var. Yaxşı günün, xoş dövranın xanımı, Qürrələnmə çox da incə belin var. Fani dünya neçəsini ağladıb, Neçəsini çaylar kimi çağladıb. Tanrım səni bu camalda yaradıb, Heyif olsun bircə yaman dilin var. Məmmədhüseyn intizarın xəstəsi, Sənin kimi qəlbidarın xəstəsi, Ver dəstinə, bağda barın xəstəsi, Mən də deyim: – Nə şəfalı əlin var. * * * Ya Əlif-Əlif Elmi həqiqətdən, bir bazar etdim, İftida eylədim, Ya Əlif-Əlif. Yüz on dörd surəni tamam eylədim, Oxuyub öyrəndim, Ya Əlif-Əlif. Ələst aləmində ha dedim durdum, Haqq-taala əmrinə mən bir quldum. O, qada-bəladan bir ərkan buldum, Mən sənə sığındım, Ya Əlif-Əlif. Qurtarginən bizi dərddən, bəladan, Yeri-göyü, ərşi-kürşü yaradan. Cəbrayıl vəhy gətdi ərşi-əladan, Göndərdi çox salam, Ya Əlif-Əlif. Ürfan məclisində getdim söhbətə, Fəxr etməyən bir gün düşər zülmətə. Nicat yoxdur yalançıya, qeybətə, Sənsən fəryadımsan Ya Əlif-Əlif. Məmmədhüseyn deyər, gəldim amana, Meracı qəzadan yetmişdim sana. Əyyub kimi şükür edəndim Sübhana, Ver mənim muradım, Ya Əlif-Əlif. * * * Yaxşıdır Bir adam ki, sənlə ülfət eyləyə, Yəqin onun əsli-zatı yaxşıdır. Namərd sənə quzu-plov yedirtsə, Mərdin quru məhəbbəti yaxşıdır. Dad-hazar çəkərəm, pərgarsız sazdan, Ver qurtar əlindən, nəzir-niyazdan. Gəzəyən gəlindən, güləyən qızdan, Söyləyən qarıdan lotu yaxşıdır. Hərcayı sözlərdən dəng oldum başdan, Sallabaş adamdan, ciyəri daşdan. Bədnəzər qonşudan, yaman yoldaşdan, Qədir bilənlərin iti yaxşıdır. Məmmədhüseyn deyər, kəlməsin teydən, Dərsini alıbdı Əlifdən-beydən, Gözəlsiz otaqdan, çörəksiz evdən, Çöllü-biyabanda otu yaxşıdır. * * * Yar aşığıyam Kimsəyə meyl etməz vüqarım mənim, Təkcə sən dilbərin yaraşığıyam. Eşqin həkk olunub qalıb sinəmdə, Əzəldən deyirəm: – yar aşığıyam. Huridən də ötə camal üstəsən, Bu camala canım qurban istə, sən. Sahibi-ixtiyarsan, əgər istəsən, Öz əlinlə bağrım yar, aşığıyam. Gözəllik hüsnündə var, bəhrəsini dər, Özgələri hüzurunda nədilər? Məmmədhüseyn sənə ayrı nə dilər, Arzum budur: – yara yar aşıq qıyam. * * * Yar əlindədi Can yığışıb boğazıma yetişib, Dərmanım alagöz yar əlindədi. Neyləyər bu dərdə yüz loğman, təbib, Əncamı o qızın xoş dilindədi. Çox çalışdım, cəhdim əbəs, puç oldu, Həsrət könül qəmi-qüssədən doldu. Adam qoyun, yar gələn yol bu yoldu, Gəlməsə, axtarın öz elindədi. Məmmədhüseyn düşüb eşqin oduna, Yar yetişə bəlkə bircə dadına. Qurban dedim, canı onun adına, Gələr olsa vədəsi bu gündədi. * * * Yaylağım Gülür üzün, əcəb xoş növrağın var, Könlümə iftixar, can, a yaylağım. Köksündən iz salıb neçə min bahar, Görəndə gəlirəm cana yaylağım. Cüyürlü döşlərin al-əlvan çalır, Hər dağdan, arandan qonağın qalır. Şöhrətin yayılır, başın ucalır, Körpəykən sirdaşım, ana yaylağım. Əhsən deyir ellər, nə xoş səfan var, Düzsən ilqarına, əhdə vəfan var. Məmmədhüseynin dilində sən olmusan car, Girmisən yenə min dona yaylağım. * * * Yəni nə Bir mərd ilə ülfət qılsan mərdanə, Namərd ilə ülfət qılmaq, yəni nə? Müxənnətlər yaxşı gündə dost olur, Yaman gündə keçib gedər yönünə. Həqiqət şərtilə baxginən sözə, Qiyamət pərdəsin çəkərlər üzə. İgid odu qan yatıra, iş düzə, Hər qovğaya qarışmağın, yəni nə? Ağıl qumaş deyil, kimsənə satmaz, Əsli comərd olan zikirsiz yatmaz. Gedən getdi, bir də geri qayıtmaz, Dalısınca peşman olmaq, yəni nə? Məmmədhüseyn deyər söhbət dəmində, Bərabərin yoxdu ruyi-zəmində. Ürfan məclisində, söz var çəmində, Hərca deyib danışmağın yəni nə? * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.