Təcnislər Şair Məmmədhüseyn (1800–1880) A yana-yana Bir Leyliyə urcah oldum, nə oldum, Məcnunam eşqindən ay ana-ana. Özü getdi, saldı məni bu oda, Qalmışam əlində a yana-yana. Süzdürüb oynatdı ala gözünü, Ya ölləm, ya canım ala gözünü. Göz açdım, gəlmədi alagöz ünü, Zülfün daramışdı a yana-yana. Məmmədhüseynəm, yön çevirrəm yaracan, Qibləgahım o qapıdı, yar açan. Kim söyləməz belə gözəl yara “can” Qalmışam adını ay ana-ana. * * * A yaza könül Yenə yada düşdü əhdü-peymanım, Vəsfini sinəmə a yaza könül. İstər idim sənlə ömür-gün görəm, Aldı çovğun, düşdü ayaza könül. İş əyildi əldən çıxdı Güləndam, Bir şirindil, lalə yanaq gül əndam. Zaman vardı sevinən dəm, gülən dəm, Həsrətdi bahara, a yaza könül. Fələk salıb üzən gəmim çəngələ, Məmmədhüseyn, ha yapış, ha cəng elə. Qəsdi buymuş duman gələ, çən gələ, Eşqin dəryasında ay, aza könül. * * * Ay süzə-süzə Bir bahar göründü gülşən içində, Qara gözlərini ay süzə-süzə. Atdı örpəyini göründü üzü, Elə bildim keçir ay süzə-süzə. Bir söz dedim, saldı məni dil dara, İncimərəm, çəksin şirin dil dara. Kim can deməz belə gözəl dildara, Eşqin piyaləsin ay süzə-süzə. Xəyalımdan huri-qılman dolandı, Dedim xoşbəxt o qəlbimə dolandı. Məmmədhüseyn pak eşqinlə dolandı, Dövran açar sənə, ay süzə-süzə. * * * Ay üzə-üzə Hicran xəstəsiyəm alagöz pərim, Yetiş imdadıma, ay üzə-üzə. İntizarda qoyma, tükənər səbrim, Həsrətin könlümü ay üzə-üzə. Əzəl gündən səni gördüm, yar dedim, Ya mürvət et, ya bağrımı yar, dedim. Sənə həmdəm dedim, sənə yar dedim, Demədim sözümü ay üzə-üzə. Məmmədhüseyn çətin eşqin daldalar, Məhəbbət gölünə desən dal, dalar. Dil ver oylağımız olsun daldalar, Gəzim cüt narını ay üzə-üzə. * * * Ay yazıq-yazıq Uçurdub ovunu xəstə düşübsən, Halına yanan yox, ay yazıq-yazıq. Dağ çəkirdin özgəsinə bir zaman, İndi sinən olub ay yazıq-yazıq. Həsrət qaldın baxar oldun daldadan, Dərd-qəmini saxla pünhan, dalda, dan. Üzə çıxma, təsəlli tap daldadan, Nə bir də az yolun, ay yazıq-yazıq. Fikrin nəydi, gəldin düşdün haraya? Çağır görüm, mal-qoyunu haraya. Məmmədhüseyn bənzər dağa, haraya, Qoyuq kimi indi ay yazıq-yazıq. * * * Başabaş Anlamazı, nadürüstü, nadanı, Dəyişəsən bir qoyuna başabaş. Mərifət gözləsə, anlağın bilsə, Kim qurban eyləməz belə başa-baş. Yaltaq üzə gülər, çapar arxada, Üz bir olar, nə ki, çapar arxada. Olma nanəcibə çapar, arxa da, Budur nəsihətim sənə, baş, a baş. Məmmədhüseyn, uyma yaxşı-yamana, Qoyma saxta dostlar sənə yamana. Al bir gözəl, göz dağıdır yamana, Ömür eylə onla müdam, başabaş. * * * Bir bax Dərdindən dəliyəm, mürvətin olsun, Eşqini qəlbindən yaz, yana bir bax. Şeyda bülbüllər də gül fərağında, Ətirli bir bahar, ya ana, bir bax. Düşmür dildən o gül yanağın adı, Lalənin çöhrəsi yanağındadı. Gedərmi ağzımdan yanağın dadı, Açılmış hüsnündə yaz, ana, bir bax. Cilvələnib çıxıb gülşən seyrinə, Yarsız cənnət olsun onun seyri nə? Məmmədhüseyni xub salıbdı sehrinə, Yaraşır al-əlvan ya ona, bir bax. * * * Cahanda Var-dövlət bir yana, haqq bir yanadı, Bizdən üz döndərib, dönüb cah anda. Gör kimlər qınadı, kimlər yanadı, Şahinlər sar oldu fani cahanda. Gədaya sultanlıq yarayarmıdı? Vəfasız o, dilbər, yar, a yarmıdı. Acı zəmanədə yarayarmıdı, Xilaf çıxdı əhdə, axır cahan da. Məmmədhüseyn, sevdin gözəl anda sən, İlqar, iman kəsib, çəkdin anda sən. İşi müşküldədi, indi an da, sən, Deyim əhdü-peyman qalıb cahanda. * * * Çal, a çal Ağırdır cavanın işvəsi, nazı, Sənə cahan nə gərəkdir, çal, a çal. Yolunu gözləyər, hörmət saxlayar, Qismətdirsə əgər qoca çala çal. Necə meyl etmisən, belə gülə sən, Açılarmı eyni, min də güləsən. Halın ki, qalmayıb təzə gül üzən, Kəməndini özün kimi çala çal. Sən yatırsan, onun fikri yazadı, Şux qəlbi gizlicə işrət yazadı. Məmmədhüseyn deyər, bir də yaz adı, Görəmməzsən çatır əcəl, çal, a çal. * * * Çat dada Nə dedim ki, elə küsüb-incidin, Qorxuram ki, bu dərd məni çatdada. Sən ömrümə sevinc idin, incidin, Yarsız qalan canım indi çatda, da. Arxanca çox gəzdim, qurdum alaçıx, Daha bəsdi, çəkmə məni ala, çıx. Gəl barışaq, nə küs, nə də al acıx, Xəstə düşdüm, yetiş dada, çat dada. Gəl yenə də işvə ilə, naz ilə, De kim qıyar, yar qüssədən nazilə. Məmmədhüseyn çəkər qəmin, Nazilə, İntizarın bağrım yara, çatdada. * * * Daradı Uydum bu dünyanın olan gəştinə, Dedim ki, göstərməz mənə dar, adı. Aldadıb, aldadıb axır günümdə, Sındırıban qol-budağım daradı. Atdı qürbət elə, saldı çənginə, Naxələf kəslərin düşdüm cənginə. Fələyin hökmü nə, onun cəngi nə? Demə meyli bəd işədi, daradı. Bir salıbsan, bir də salma azara, Gəlmişəm əlindən zara, a zara. Qara iqbal, Məmmədhüseyni az ara, Yaman durub gözlərimə dar adı. * * * De bir üz, bir üz Camal ovçusuyam mən bu cahanda, Müştağam gəzirəm, de bir üz, bir üz. Şadi-kam olmadım fani dünyada, Fələk də mənimlə de bir üz, bir üz. Ülvən çaldı, kimdi dərgaya daldı? Divi bəndə saldı, dər gəya daldı? Cəbrayıl qərq oldu dərgəya daldı? Yandırdı şapərin de bir üz, bir üz. Musa səcdə qıldı Turu sənada, Minacat eylədi Turu sənada. Haqqa nə danışdı Turu sənada? Gəlirdi kəlməsi de bir üz, bir üz. Açıldı asimandan didar dər indi, Pərdeyi-hicabatdan didar dər indi. Nuru təcəlladan didar dər indi, Göründü gözümə de bir üz, bir üz. Məmmədhüseyn deyər, dərd az alımı? Əhdim budur düşə dərdə zalımı. Davasız xəstədən dərd azalımı? Loğman təkin deyər de bir üz, bir üz. * * * Dil-dilə Könül uyma hər yetənə, yad olar, Ömrünə vəfalı şirin dil-dilə. İstəmə ay üzlü türfə gözəli, Ömrü boyu sənnən ötə dil-dilə. Gözəl gərək hər dərsini cəm ala, Fikir verə mərifətə, camala. Könül vermə bütün aləm cəm ola, Toxunmasan yarla əgər dil-dilə. Məmmədhüseyn, axtar sənə yar olan, Bağlan bir soyluya, ona yar ol, an. Tap bütün ömrünə arxa, yar olan, Dəm verməz heç zaman əhli-dil dilə. * * * Dolanar Bir gözəl ki, qəsdə dura, can üzə, Ömrə-günə, qəm kəsilər, dolanar. Yar deməsə daldada “çor”, “can” üzə, Mehribandı, mehribanda dolanar. Nola eşqim ovlayasan, çalasan, Könlüm istər al sazını, çal asan. Bu ömrümü öz ömrünə calasan, Dodaq gülər, can başına dolanar. Yar yarını çətin gündə sınayar, Bu mən, o sən istəyirsən sına, yar. Məmmədhüseynin qıyma qəlbi sına, yar, Xəstəsiyəm, sinəm üstə dola nar. * * * Göz olar Belə şux geyinib, şux gəzən gözəl, Gözlərintək çətin özgə göz olar. Əndamını görən tez qoyar məhəl, Qorxuram üstündə yaman göz olar. Gəlsən, sağalaram olsam can üstə, Canım qurban verrəm belə can üstə. Həmdəmim ol, gündə min yol can istə, O yerdə ki səntək ceyrangöz olar. O işvəndən, o nazından dad a dad, Tez məst olar, kimsə onu dada-dad. Ləblərindən deyər olsan dadhadad, Məmmədhüseyn qultək sənə göz olar. * * * Gözdədi Az tənə vur mənə, ismarıc eylə, Ləngidən sən oldun, indi gözdə di. İlqarsızsan deyib, ün salma elə, Meylim yenə, həmən qara gözdədi. Adın əzbər oldu, yarım dilimdə, Doğrasalar məni dilim-dilim də. Sən də az qəmzə at, şirin dilim də! Möhnətin qəlbimi üzdü, gözdə di. Ay demişdin, il də keçdi vədədən, Vədinə düz çıxar düzgün vəd edən. Əgər olsan hiylə ilə vəd edən, Məmmədhüseyn bəsdir səni gözdədi. * * * Gül üzə-üzə Yarım, çıx görüşə seyr edək bağı, Gəzək çəmən boyu gül üzə-üzə. Salma ürəyimə gəl yaman dağı, Tökmə qaş-qabağı, gül üzə-üzə. Bəsdi çəkdin varlığımı sən dara, Atma məni yaman günə, gəl dara. Qara zülfə vur darağı, yar, dara, Mən də mahnı deyim, gül üzə-üzə. Məmmədhüseynin ol ömrünün yarağı, Öz əlinlə ver içərəm, yar, ağı. At qaranı, geyin-kecin, yar ağı, Sevinim, çıxıbdı gül üzə, üzə. * * * Qal qala Adəm oğlu qat ülfəti araya, Qıyma ki, qarışa bir də qal, qala. Ömür vəfasızdır, dünya da fani, Aralıqda niyə qilü-qal qala. Əzəl-axır qismətimiz ağ olar, Arif kəsin üzü hər vaxt ağ olar. Dostluqda pozulsaq bu lap ağ olar, Dost ocağın dost kimi də qal, qala. Məmmədhüseyn xoş ülfətə vardı, var, Könül ülfətiylə hara vardı, var. Sorsalar etibar səndə var? De: – var, Umma heç bir zaman qilü-qal, qala! * * * Qalanar Beymürvət kəslərin olmaz kölgəsi, Vəfalı dost, dost oduna qalanar. Fitnə-fəsad ilə uyuşan insan, Azar yolun, müdam qilü-qal anar. Xudam xəlq eyləyib alışan məni, Düz əhdə, ilqara alışan məni. Dostum dar günümdə alış, an məni, Sonra sinəm üstə istər qala nar. Məmmədhüseyn qananlara calanar, Qanmaza ha cala heyva, cala nar. Gədadan uzaq ol axır calanar, Tökülər arada olub-qalan ar. * * * Qalandı Gülsən də üzümə sən indən belə, Qəlbimə vurduğun yara qalandı. Hayıf ürəyimdə yanan məşələ, Qədrimi bilməyən yara qalandı. Qoy bəzəsin yarım yaşat ar səni, Belə keçməz bir gün yaş atar səni. Var ömrüm özündə yaşadar səni, Səninsə varlığın yara, qal andı. Qərib həsrət ilə baxar yerinə, Vəfasız ilqarın əhdi, yeri nə. Məmmədhüseyni qoysan nadan yerinə, Əlinə tənədən yaraq alandı. * * * Oddadı Bənd oldum bir sərviboyun hüsnünə, Qatıb atəşinə məni oddadı. Dedim: – Gün düşməsin mələk hüsnünə, Dedi: – Gör necədi hələ, od dadı. Dedim: – Çox incitmə eşqə yananı, Rəhmin gəlsin barı yanhayan anı. Könül ver, eşqimin olma yamanı, Dedi: – Görəmməzsən məndə o dadı. Dedim: – Məmmədhüseyni gəl salma dara, Qorxudammaz məni hər çətin, dar a! Dönmərəm dilimdən çəkdirsən dara, Dedi: – Səməndərin meyli oddadı. * * * Pəh-pəh-pəh Səmaya boylandım pərimi gördüm, Baxdım da bəyəndim, dedim pəh-pəh-pəh. Əvvəl büsat aldım o bir afitab, Bilmədim əylənim gedim pəh-pəh-pəh. Heyif ki, mən elə yamanı gördüm, Hayana baxdımsa Yəməni gördüm. Hələbi, Misiri, Yəməni gördüm, Qohumum, qardaşım, elim pəh-pəh-pəh. Könül minib yenə öz ərbabını, Ustasan, tanıynan o zər babını. Hər kim ki, tanıyar o zərbabını, Məmmədhüseyndi adım pəh-pəh-pəh. * * * Sərə-sərimi Mən qurban eylərəm, “uf” da demədən, Mətləblər anlayan sərə, sərimi. Yoxsa anlamazın, nadan kəslərin, Yanında bu canım sərə sərimi? Bir qıy vurram sədam cahanı gəzər, Qəlbim deyir ərtək cahanı gəz, ər. Könül gecə-gündüz cah, anı gəzər, Yolunda payəndaz sərə sərimi. Məmmədhüseyn bir dərd bilən yara yar, İncimərəm lap cismimi yara yar. Arif gözəllərə eşqim yarayar, Nə duyar hoqqabaz sərə sərimi. * * * Var istə məndən Dedim gir qəlbimə, düz ilqar ara, Demədim əl çirki, var istə məndən. Utanma, yolunda gərəksə canım, Belə xoş səxavət var, istə məndən. Göründün gözümə təravətli sən, Dedim eşqində də təravətlisən. Saf bir eşqə bağlı təravəti sən, Könlümün evinə var, istə məndən. Məmmədhüseyni yanar oda qaladın, Peyman etsən var, ömrümdə qaladın. Ummasın bu qədər qilü-qal adın, Çirgiməsin qəlbin var üstə məndən. * * * Yaxşıdır Təşrif qılıb bir məclisə varanda, Yaxşı əyləş, yaxşı otur, yaxşı dur. Dindirsələr həqiqətdən ver xəbər, Görən desin, nə maşallah yaxşıdır. Süvar ollam yaxşı ata yerində, Kamil ovçu yaxşı ata yerində. Yaman oğul yaxşı ata yerində, Qaldığından qalmadığı yaxşıdır. Məmmədhüseyn deyər, az ələ düşər, Uçar könlüm quşu əzələ düşər. Arayıb-axtarsan az ələ düşər, Yaxşı gövhər, yaxşı sərraf, yaxşı dürr. * * * Yan-yana Dara zülfün, hör hörüyün, at dala, Düzülsün gərdəndə qoşa, yan-yana. En bulaq üstünə, gözlərəm yolun, Dolaşaq qol-boyun, gəzək yan-yana. Həsrətinlə ahu-zarda qalanam, Elə deyil mən inciklik, qal anam. İstəsən ki, yar eşqinə qalanam, Hökm elə qəlbimə, de sən yan, yana. Bir danış, din, pünhan eşqim dil açar, Qəlb evimi səntək şirin dil açar. Məmmədhüseynin yanar qəlbi dil açar, Atəşinə bu dağ-daş, hər yan, yana. * * * Yar alan könül Qəm-qüssədən uzaq olur həmişə, Qəlbini nazənin yar alan könül. Bir mina gərdənli, Züleyxa misal, Dərd qanan, vəfalı yar alan könül. Əzəl gündən yaranıbsa cəfadan, Üzə salma yar çəkdirsə cəfa, dan. Kim inciyər yar yolunda cəfadan, Təki yar əlindən yaralan, könül. Məmmədhüseyn, at qüssəni, şad dolan, Qocalarmı ömrü boyu şad olan. Bir hurinin vüsalını şad ol, an, Solmaz gül camallı yar olan könül. * * * Yar andı Can bir olub oynayasan, güləsən, O gündən ki, əhdü-peyman yarandı. Müqəddəsdir, toxunulmaz saxlasan, Düz ilqarlı, qədir bilən yar andı. Əyri yoldan qaçaq olar mərdana, Pis atadan qeyrətlidir mərd ana. Arlı adam sözün deyər mərdana, Arsız kimə işi düşsə yarandı. Məmmədhüseynin saf eşqilə saz dinər, Xəstə olsa, dönüb olar saz, dinər. Qəlbindəki xoş avazlı saz dinər, Desələr ki, bu qapını yar andı. * * * Yara canımı Qınamayın, ilqar, iman yolunda, Mən qurban demişəm yara canımı. Çəkərəm cəfasın lap bu yolun da, Əyyub kimi basa yara canımı. Vəfasıza uyan solar, saralar, Qürurunu nadan alar, sar alar. Sardan törəyənin özü sar olar, Sar qapısın sadiq yar açanımı? Məmmədhüseyn təmiz yar aşığıdı, Düz əhd sevənlərin yaraşığıdı. O kəs ki, ömrümün yaraşığıdı, “Of” demərəm, şaqqa yara canımı. * * * Yaralananda Necə tab gətirsin belə ağrıya, Könlü sınan aşiq, yaralananda. Əl çirki sayılan vara, dövlətə, Əzəlindən nazlı yar allananda. Bağlıyam ilk gündən düzgün ilqara, Batsam zimistana ay, gün, il qara. Edibsən günümü bütün il qara, Uğursuz nazənin, yar aralan, da. Məmmədhüseyni azmı çəkdin sən anda, Çəkməz bu xiffəti Məcnun, Sənan da. Bir dəfə də gəl adımı sən an, da, Sevinim sən təki yarar alanda. * * * Yarasa Bir kəlmə sözümdən nə tez incidin, Gəl apar ömrümü sənə yarasa. Sən ki, sərraf idin, sən ki, incidin, Vurmasın aranı yolux, yarasa. Tənə dolu namən bağrım qanatdı, Qıydı bizə yad ortaya qan atdı. Çəkdir dara, eşqimizi qanat di, Təki məni şirin dilli yar, asa. Neynək belə gəldi mənə, il qara, Gəldi çovğun, basdı məni il qara. Öldür Məmmədhüseyni, bəd çıx ilqara, Yaran bunla sağalası yarasa. * * * Yarıma Mən qurban eylərəm şair qəlbimi, Məni qıyqacıdan süzən yarıma. Tutufdu dəstində, necə yaraşır, Tər bənövşə, lalə, süsən yarıma. Olmaz bu ilqarı şirin dil, əyən, Yuyaq xoş camalı gətir di, ləyən. Saf eşqimə yaman günü diləyən, Paxıl gözlər ilə süzən, yarıma! Məmmədhüseyn, işi tutma sarınan, O nə candı, əhdi danıb sar anan? Qurbanam ömrümə qəlbən sarınan, Ceyran yerişiylə süzən yarıma. * * * Yasinə bağlar Sin Allahdı, sin göndərdi, sin kəlam, Sin püşü gətirmiş Yasinə bağlar. Yüz on dörd surədi tam naibə nam, Onlar da ixlasın yasinə bağlar. Sin günə şəqq olmuş sin aya baxar, Sinədə dəftərin, sin aya baxar. Seyraqub naməhrəm sinaya baxar, Çəkib giribanın yar sinə bağlar. Sin əlif, sin beyn, sin kəlamısan, Sin çıxar könlündən, sin kəlamı sən. Sin cümlə aləmin sən pənahısan, Məmmədhüseyn xilasın yasinə bağlar. * * * Yaşa yar Cavan ömrüm bada gedir əlindən, İnsaf eylə gözdən axan yaşa, yar. Nola bir yol xoş söz çıxa dilindən, Qürrələnib mən də deyəm, – yaşa, yar! Qurban dedim bu canımı yara mən, Yar incitdi, aldım min cür yara mən. Dodağından dərmanını, yar əmən, Düşkün xəstə yüz illəri yaşayar. Məmmədhüseyn əldən verməz gülünü, Sənin kimi xoş camallı Güllünü. Sovur göyə intizarın külünü, Solur ömür, artır bir-bir yaş, a yar. * * * Yazanda Atmaya mürvəti, insaf eyləyə, Nainsaf olmaya yazı yazan da. Urcah edə səni gül rüxsarəyə, Bəxtini əzəldən kimə yazanda. Vəfasız dilbərin nəfi, xeyri nə, Alış bir vəfalı yarın xeyrinə. And iç, uyma yadın bəli-xeyrinə, Düzünə andını bir də yazanda. Məmmədhüseynin düz ilqarda var əli, Köməyidi Şahi-Mərdan, var Əli. Bəd insanın axırına var, Əli, Ömrü boyu qalsın yaz an, yaz anda. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sair-memmedhuseyn-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.