Müxəmməslər Kazım ağa Salik (1781–1842) Agah et, ey bad, məndən ol vəfalı həmdəmi Agah et, ey bad, məndən ol vəfalı həmdəmi, Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi, Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi, Vəqtdir, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi, Yoxsa bu tufana sənsiz çarəsaz olamaz gəmi. Hanı Rüstəm Zal, yəni pişvayi-pəhləvan? Hanı ol divi-səfidə vurduğu gürzi-giran? Hanı ol Əfrasiyab, İsfəndiyari-qəhrəman? Cümləsin qüllabinə çəkmiş qəzayi-asiman, Leyk qılmış sənglax çərx Rəxşi-Rüstəmi. Aləmi təxsirə salmış fitnəvü ali-fələk, Aləmə məlumdur kim, böylədir hali-fələk, Aqilü nadan olubdur cümlə pamali-fələk, Sərvqədlər qədini əymişdir ol zal fələk, Gör necə zali-fələk təsxirə salmış aləmi. Düşmənidir bu zamanda hər kişi öz canının, Fərqi yoxdur bir-birindən aqilü nadanının, Vay, yüz nıin əlindən ədlsiz dövranının. Dərd üçün heç bir təbibin sudi yox dərmanının, Bu zəmanə zəxminin yox bir müvafiq məlhəmi. Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi, Məlhəmi-vəslət dilər bu tiği-hicran yarəsi, Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi, Olmuşam dəşti-fənadə Arifın avarəsi, Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi. * * * Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm, Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm, Lətafət mədənində gövhəri-yektayə həsbəndəm, Səbahət aləmində bir mələksimayə həsbəndəm, Budur, xislətdə bir şuxi-qədi-rənayə həsbəndəm. Alıbdır aqlimi məndən, edib Məcnunü divanə, Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə, Tərəhhüm eyləməz zalim məni-bisəbrü səmanə, Ləbi-ləlin həvasindən dönübdür bağrımız qanə, Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm. Tərəhhüm et, məni qılma cahan mülkündə avarə, Məni məcnun edən sənsən, kim etsin dərdimə çarə? Ləbi-nuşin dəvasindən tələttüf eylə bimarə, Xədəngi-tiri-müjganın edibdir sinəmi yarə, Billuri-safü simin gərdəni-minayə həsbəndəm. Qaşın qövsi-qüzehdir, ya hilali-eydi-əzhadır? Dü zülfün türreyi-Leyla və ya zülfı-çəlipadır? Üzün gündür və ya atəş və ya nuri-təcəlladır? Ləbin yaquti-biqiymət və ya ləli-Mosihadir? Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm. Olubdur mürği-dil məhbus daim zülf damanında, Edər ləlin təmənnasın həmişə şövqi-canında, Əgər küstaxlıq etsəm, zərafatlıq məqamında, Hərəc yoxdur mərizə, həq buyurmuş öz kəlamında, Mərizi-eşqəm əvvəldən, ruxi-zibayə həsbəndəm. Sərasər cüstcu etsən, əgər şövq ilə dünyani, Tapılmaz mən kimi aşiq sana, ey Yusifi-sani, Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdani, Olur ya mətləbim hasü və ya ömrüm olur fani, Riza ver, ya ki, cəng eylə ki, mən dəvayə həsbəndəm. Qələm divanəyə yoxdur, mənəm Məcnuni-bipərva, Edib əşkim məni aləmdə həm bibakü həm rüsva, Alıbdır dinü imanım, edibdir ömrümü yəğma, Bu yolda Salikəm, billah, vurubdur başıma sövda, Nə bakim var bu aləmdən ki, mən üqbayə həsbəndəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/salik-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1842). Public domain (author died 1842). Original text only.