Qoşmalar Kazım ağa Salik (1781–1842) Düşmüşəm Ey Leyli, mən səni görəndən bəri Məcnun olub biyabanə düşmüşəm. Ləbi-lolin rəngi getməz fikrimdən, Müxtəsər ki, əcəb qanə düşmüşəm. Mən müştağam onun nazü cəncinə, Tab eylərəm cəfasına, rəncinə, Əl yetirdim yaxasının gəncinə, Gör nə bağə, nə bostanə düşmüşəm. Boyun tənə edər sərvü çinarə, Püstanların dəxi lirauvü narə, Məni bundan kim çıxarır kənarə, Nagah çahi-zənəxdanə düşmüşəm. Nuk-müjganın tökdü əşki-ahını, Zülfun pozdu cəmiyyəti-halımı, Görməmişəm sənin kimi zalımı, Çox davaya, çox divanə düşmüşəm. Salikdir ləqəbim, Kazımdır adım, Bilirsən ki, səndən sənsən muradım. Demə nədir bunca ahü fəryadım, Bir bülbüləm, gülüstanə düşmüşəm. * * * Ey şahin cilvəlim, şunqar şivəlim Ey şahin cilvəlim, şunqar şivəlim, Durna tək tellərin cığalanıbdır. Xəstə könlüm onu görəndən bəri Çıxıb asimana, havalanıbdır. Ey ləbləri nabat, dəhanı püstə, Çəkər pəsrətini bu dili-xəstə, Xal deyil görünən ağ sinən üstə, Bir Quran hərfidir, qaralanıbdır. Demə ki, sevdiyim səni nihandır, Sənə aşiqliyim xəlqə əyandır, Deyibsən: busəmin qiyməti candır, Almaq üçün bir az bahalanıbdır. Çox da məndən kənar gəzmə, ay pəri, Sənsən könlüm zövqi, dilim əzbəri, Guşeyi-kuyini bulandan bəri, Dərdi-bidərmanım dəvalanıbdır. Məclislər zivəri gördüyün Salik, Xaqani, Ənvəri gördüyün Salik, Şairlər sərvəri gördüyün Salik Gəl gör sənsiz necə gədalanıbdır. * * * Ey Tuba, baxışın yıxdı aləmi Ey Tuba, baxışın yıxdı aləmi, Xumar gözün yenə qiyamət eylər, Kəbeyi-kuyini görən kimsənə Haşa ki, qibləyə ziyarət eylər. Qırqı başlı, topğun, tərlan cilvəli, Görməmişəm sən tək nazü qəmzəli, Sərasər yaxası qızıl düyməli, Baxdıqca üzünə fəxarət eylər. Zahid baxsa zülfi-pərişanına, Tərk edər məscidi, gələr yanına, Sidqi-dildən canın qatar canına, Huriyü qılmana məlamət eylər. Hər kimsə ki, sənə baxarsa gendən, Bil ki, öyrənibdir o halı məndən, Özgə təvəqqeyim yox əsla səndən, Xəstə Salik sənə zarafət eylər. * * * Görmənəm Ey ağalar, məni neyçün qınarsız, Nə müddətdir mən o yarı gormənəm. Mən ha qınayardım eşqə düşəni, Daxi eşq əhlini karı görmənəm. Mən gəzdiyim o bir şirin candadır, O da mənim kimi natəvandadır, İtirmişəm heç bilmənəm handadır. Şirin dilli xoşgöftarı görmənəm. Binəva Salikəm bağrımda zədə, Həq bilir ki, gözüm yoxdur kimsədə, Sözü bizimlədir, qəlbi özgədə Ol səbəbdən büqran görmənəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/salik-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1842). Public domain (author died 1842). Original text only.