Hekayələr Abbas Səhhət (1874–1918) Cərrahlıq A.P.Çexova nəzirə Dəllək dükanıdır. Dükanın içərisindəki sağ tərəfdə olan şirəli səkinin üstünə salınmış yırtıq həsirin üzərində başaçıq oturan müştərinin üstünə qırmızı, çirkli fitə salınmış; qabağında başı keçəl balaca şagird ovuc ilə tasdan su götürüb müştərinin təpəsindən tökür və boynuna, boğazına calanırkən onun başını isladır. Sol tərəfdəki səkinin üstündə palçıq manqalın kənarında qoyulmuş iki balaca tasda isti su buğlanır. Dəllək şagirdi hərdən burnunu ətəyinə silib başını qaşıyarkən, müştərinin başını ovmaqda idi. Ustası dəllək Məşədi Əskər bir örü aşağa, bir örü yuxarı geydiyi qara qədək arxalığının döşü və ətəkləri çirkdən qara meşin kimi işıldayır, sürtülüb yırtılmış ciblərinin ağzı sadır bağlamış, belindəki kisəbəndinin yarısı yeyilmiş qayışının üzərinə hərdən ülgücü savlayıb sürtür və ağzındakı demi çubuğunun tüstüsünü dodağının küncündən püskürərək havada dumanladır. Bu halda motalpapaq, şal çuxalı, uzun boylu, çalsaqqal bir kişi qapıdan içəri girib salam verir. Sonra çirkli, qara səpkili ağ dəsmal ilə bağladığı sağ gözünün üstünə əlini qoyub, sol sipalaq gözü ilə o yan-buyana baxıb: ...Usta buradadırmı? – deyə soruşur. Usta Əsgər demi çubuğunu əlinə alıb əsnəyəndən sonra: – Aha, xoş gördük, a molla Eyvaz dayı, nə əcəb səndən? Nə qulluğun var? – Şükr olsun, ay usta. Ömrünə duaçı varam. Əlindəki xurcunu səkinin üstünə qoyub ayaq üstündə durduğu halda: – Ancaq canına sağlıq, bir neçə gündür ki, dişim ağrıyır. Nə çay içə bilirəm, nə çörək yeyə bilirəm, nüzlə duası da yazdırdım, yenə toxtamadı. Bilmirəm bu necə dərddir? Ox... ox... Belə sızıldayır ki, elə bil qulağımın içinə mıx çaxılır. Lap beynimin içi də lükküldəyir. Az qalır başım partlasın. İnan ki, namusuma qısılıb ağlamıram. A kişi, bu çayı bina qoyanın Allah evini yıxsın. Bundan irəli yüz yaşında kişilərin ağzındakı dişləri sədəf kimi idi. Bu çay zəhrimar bədənimizin axırına çıxdı. Usta Əsgər: – Gözünə nə olub, a kişi, bağlamışsan? – A kişi, bu dişim zəhrimar sancdığına görə bağlamışam. Yoxsa gözüm ağrımır. Usta Əsgər: – Dəsmalı aç, bir baxım görüm. Molla Eyvaz: – Vah, vah, dişim elə sancır, elə sancır ki, ürəyimin başı zoqquldayır. Ağzımı aça bilmirəm, danışa bilmirəm. Üz-gözüm də şişib, gecələr səhərəcən yata bilmirəm. Usta: – Zərəri yoxdu, otur, aç ağzını görüm. Molla Eyvaz oturub dəsmalı açandan sonra ağzını aralayır. Usta Əsgər də başını əyib onun ağzına baxır. İllərdən bəri tənbəki tüstüsündən saralmış dişlərin arasında palasa bağlamış çirkli bir çürük diş görünür. Molla Eyvaz: – Nə qədər ağzıma sumaq tutmuşam, nə qədər təzək tüstüsü vermişəm, dincəlməmişəm. Bilmirəm bu necə dərddir məni tapdı? Allaha pənah, orucluq da gəldi çatdı. Daha heç dava-dərman eləmək olmaz. Usta Əsgər: – Molla dayı, gərək dişin çəkilsin! – Sən yaxşı bilirsən, nə ərz edim, hər nə eləməlisən elə, ancaq bircə dincəlim... Allah ömür versin, Allah səni əskik eləməsin. Mən gecə-gündüz sənə duaçı varam. Usta Əsgər: – O nəmənədir? Mənim əlimdə su içməkdən də asandır, – deyib köhnə bir fitəyə bükülmüş karastıların içindən bir kəlbətin çıxardır. – Cərrah deyəndə çətin bir şey deyil, ancaq adət lazımdır. Əl gərək əsməsin, vəssalam!.. Odur, sırağagün Marağalıoğlu Hacı Bəydəmirin də dişi ağrıyırdı. Kişi İran sövdəgəri, çiynində kabili kürk, ayağında sağrı başmaq. Bir dəqiqədə dişini çəkdim, qurtardı getdi. A kişi, zarafat deyil, sümük sındırmışam, bunları öyrənincə qat-qat qabıq qoymuşam. Mənim əlimdən hər şey gəlir. Qol qanı almaq, məlazə çərtmək, dilaltı qanı almaq... Bunlar sənə zarafat gəlməsin, gərək biləsən ki, qeyfal qanı hansıdır, oseylim hansıdır, əkhəl hansıdır. Qaldı diş çəkmək, diş çəkmək mənim əlimdə su içməkdən də asandır. Bu saat çəkərəm. Yoxsa hər dana-doluq, cana-cuna adamın işi deyil. Elə diş var kəlbətin ilə çəkərlər, eləsi var maşın ilə çəkilir, eləsi də var ki, qarmaq ilə çəkilir. Onların yerini bilmək lazımdır. Usta Əsgər kəlbətini ətəyinin ucuna siləndən sonra istifham halətilə ona baxıb yerə qoyur, sonra maşını götürür: – Hə, aç ağzını, çox arala! – deyib molla Eyvaza tərəf yönəlir. – Bu saat çəkərəm qurtarar gedər. Bu üç püskəli dişdir, gərək bıçağın ucu ilə azacıq ətini aralayım, vəssalam, qurtardı getdi. Dişin ətini kəsir. – Hə çətini bu idi. Molla Eyvaz: – Nə deyim, Allah sənə kömək olsun. Nə əcəb, kişi, sən varsanmış. Yoxsa bu camaat batıb qırılardı. Allah sənə ömür versin. Usta Əsgər: – Bax, tərpənmə, ancaq ağzını yaxşı arala. Kəlbətini götürüb ağzına aparır: – Dayan, dayan, tərpənmə, bir azacıq davam elə, bu saat qurtarım. – Zor ilə dişi çəkir. – Ancaq söz burasındadır ki, azı dişdir. Özü də üç püskəli. Gərək kötüyü sınıb içəridə qalmasın. – Çəkir. Molla Eyvaz: – Vay dədəm vay! Ox, ox, ox... Usta Əsgər: – Dayan, dayan, bu saat qurtarım, əlimə yapışma, əlimi burax. Çəkir. Molla Eyvaz: – Vay, nənə vay! Vay, baba vay! A kişi çək çıxsın, daha nə uzadırsan. Usta Əsgər: – Sənə zarafatmı gəlir, bu cərrahlıqdır a!.. Birdən olmaz. Budur, budur az qalıb. Molla Eyvaz ayaqlarını dizlərinə qədər qalxızıb titrədiyi halda surəti boğumtul, qara-qırmızı rəng alır, tər üzündən damcılayır, tövşüyə-tövşüyə nəfəs alır. Usta Əsgər isə var gücü ilə qollarını tərpədib çəkməyə çalışır... Qayət əziyyətli bir dəqiqə keçəndən sonra kəlbətin şaqqıltı ilə dişi sındırıb Molla Eyvazın ağzından bayıra atılır. Molla Eyvaz dişi çəkilib qurtarmış zənn edərkən, barmağını ağzına aparır. Lakin dişinin sınmış olduğunu hiss etdikdə: – Çəkdin? Bu sənin gördüyün iş!.. Canına dəysin. Ağlar və istehzakaranə bir səslə: – Allah yaman gündən saxlamasın. Elə qabiliyyətin bu imiş? Canım, bir işi bacarmırsan, daha nə üçün boynuna çəkirsən? A kişi, sən məni öldürdün ki....Gözümün qabağı qaranlıq gətirir. Usta Əsgər: – Sən nə üçün əlimi tutursan? – Acıqlı bir halda: – Mən çəkirəm, sən mənim dirsəyimin altından vurursan, nə bilim nə oyun çıxardırsan. Qoydun məgər bir görüm mən nə qayırıram. Molla Eyvaz: – Sən salmısan zırpılığına, daha ona mən nə qayırım. Bir qələti eləyə bilmirsən, daha nə boş danışırsan. Usta Əsgər acıqlı bir halda: – Qələt də elə, daha uzun danışma, aç ağzını görüm. Öyrənmisiniz havayı yeməyə. Bu ölü halvası deyil ki, damağını şaqqıldada-şaqqıldada yeyəsən. – Molla Eyvazı yamsılayaraq – “başarmırsan, başarmırsan”. Buyurun, indi bu mənə öyrədəcək, başından böyük danışmağına bax. Marağalı Bəydəmirin sənin ağırda əskinası var, dişini çəkdim, heç uf da demədi... Min dəfə üst-başı səninkindən təmizdir. Heç əlimə də yapışmadı. Otur, ağzını aç görüm, məni məəttəl eləmə. Molla Eyvaz: – A kişi, başım gicəlir, qoy bir nəfəsimi dərim a... – Oturur. – Uzun dartma, bir dəfə çək çıxsın, müxtəsər elə. Usta Əsgər: – İndi bu mənə öyrədəcək. Allahın lənətinə gələsən, kor şeytan ha. Aç ağzını! – Kəlbətini salır. – Bu cərrahlıqdır a... Sənə zarafat gəlirmi yoxsa? – qollarını tərpədib çəkir. – Tərpənmə, az qalıb çıxsın, kötüyü lap dərindədir. – Çəkir. – Başını tərpətmə. Hə, belə, belə. Bir azacıq dayan, ha. – Xırçıltı səsi eşidilir. – Daha indi qurtarar. Molla Eyvaz ölü kimi hərəkətsiz oturub, gözləri bərəlib dükanın səqfinə dikilmiş, rəngi-ruyu ağarıb, üzündən tər axır. Usta Əsgər: – Ax, kiçik kəlbətin burada olsaydı, nə yaxşı olardı. Bu halda kəlbətin dişi buraxıb Molla Eyvazın ağzından bayıra atılır. Molla Eyvaz nəfəsini alandan sonra tez barmağını ağzına soxub ağrıyan dişinin əvəzində başqa bir dişinin çəkilib laxlamağını görərkən: – Tfu! Boynunu Allah sındırsın! Canım, sən meşədən tutulmamışsan, ayı deyilsən ki... Ağrıyan dişi qoyub başqasını nə üçün çəkib laxladırsan? Allah kəssin qabiliyyətini! Usta Əsgər: – Ağzıbaşına danışma, yekəbaş! Bunun sir-sifətinə bax, başından böyük danışmağına bax! Marağalı oğlu Hacı Bəydəmir böyük tacir, neçə illər İranda olmuş, ağıllı adam, Hacı kişi, kabili kürkü yüz manata dəyər, o bir kəlmə artıq-əskik danışmadı... Amma bu məni gör necə danlayır. Molla Eyvaz səkinin üstünə qoyduğu xurcunu götürüb, əlini üzünə qoyduğu halda mırıldaya-mırıldaya qapıdan çıxıb getdi. * * * Bədbəxt ailə Kars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi. Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə: – Ay nənə, bir az su – deyə bulanıq, solğun gözlərini açıb yenə də qapadı. Qoca kişi dərindən bir ah çəkib sakitanə ağlarkən ayağa durdu, yaxındakı qapını açıb su istədi. Dərhal Müslümbəy adlı uzunboylu, xoş simalı bir cavan su gətirib o kişiyə verdi. Qoca kişi suyu alıb xeyirdua edərkən nəvəsinin yanına gəldi. – Bala, su gətirmişəm, al iç, – deyə uşağın başını əlilə qaldırdı. Xəstə çocuq titrək, arıq əlini uzadıb su qabına yapışdı və bihiss bir halda sudan bir neçə udum içdisə də, peydərpey öskürək onu lap dildən saldı. Müslümbəy bu heyndə qapının ağzında dayanıb onların bu fəlakətli halına baxırdı. Qoca kişiyə xitabən: – Əmi, bu uşaq sənin nəyindir, oğlundurmu? – deyə sual etdi. Həmid kişi yenə bir ah çəkib: – Qardaş, bu uşaq mənim nəvəmdir, oğlanlarımı öldürdülər, qızlarımı, gəlinlərimi əsir apardılar. Mən başıbəlalı ancaq bu uşaqcığı bir noilə götürüb qaçmışam. O da yolda bu noilə xəstələndi... Şükür Allahın kərəminə! – deyib də ağlamaq boğazını tutub sakit oldu. Müslümbəy nəhayətdə bu sözdən qəmləndi. Daha bir söz deməyib evinə qayıtdı. Bir qədərdən sonra küçəyə çıxıb: – A kişi, əmi! Uşağı evə gətiriniz! – dedi. Müslümbəyin bu məhəbbətindən fəlakətzədə ailənin üzündə şadlıq asarı göründü. Müslümbəyə xeyir-dualar edərək, xəstəni içəri apardılar. Müslümbəy onlara mənzil verib rahat elədikdən sonra: – Mən gedib uşaq üçün həkim gətirim, – deyə onlara təsəlli verdi. Bir o qədər keçməmişdi ki, xəz paltolu, qara şlyapalı, çalsaqqal bir doktor Müslümbəy ilə bərabər içəriyə daxil oldu. Xəstəni müayinə edib nüsxə yazdıqdan sonra, dışarı çıxıb getmək istədi. Həmid kişi doktorun əqəbincə gəlib onun ayaqlarına yıxıldı. Onun ölü rəngində olan uçuq bənzində qorxu əlaməti müşahidə olunarkən: – Cənab doktor, səhhət ümidi varmı? – deyə müntəziranə halətlə sual etdi. Doktor: – Xeyr, onun işi müalicədən keçib, – deyə çiyinlərini oynatdı. Sonra başını aşağı dikib mütəkəbbiranə bir halətlə faytona tərəf yollandı. Qoca kişi: – Doktor əfəndim! Allah xatirinə, əgər mümkünsə müzayiqə etmə. Bir böyük külfətdən bircə buna göz dikmişəm, – deyə qorxulu bir əda ilə doktorun önünə keçdi. Doktor dayanıb fikrə getdikdən sonra: – Hələ bu dərmanı veriniz, baxalım necə olur? Fəqət... – deyə sözünün axırını söyləməyib mütəəssifanə bir əda ilə əlini tərpətdi, sonra Müslümbəylə xudahafiz edib faytona əyləşdi. Sevgili nişanəsinin həyatından ümidi kəsilmiş qoca kişi ayaq üstə quruyub qaldı. Var əzası titrərkən hökürtmə çalıb ağlamağa başladı. Müslümbəy mehribanlıqla o yazığa təsəlli verib evə qayıtdı. Qoca Həmid gözlərinin yaşını əlilə silərkən içəriyə girdi. Nəvəsi fərasətlə babasının pozğunluğunu dərk etdiyindən yataqda dikəlib: – Baba, buraya gəl! – deyə onu çağırdı. Həmid kişi nəvəsinə yaxınlaşıb: – Bala, sözün nədir? – deyib əyləşdi. Uşaqcıq dəfətən arıq, nazik qollarını qalxızıb babasının boynuna saldı, nənəsi də o sevgili balasını qucaqladı, hər üçü şiddətlə ağlaşdılar. Sonra xəstə çocuq: – Baba, mən bilirəm doktor sənə nə söylədi – deyib yenə baba və nənəsini qucaqladı və başını babasının çiyninə qoyub töşküyə-töşküyə bir qədər sakit oldu. Bir az dincəldikdən sonra: – Baba, atamdan-anamdan sonra mən daha ölməyimi istərəm. Ancaq sənə vəsiyyətim odur ki, səbr elə, çox ağlama. Nə etməli, qəzadan bizim üçün belə imiş... Qoca kişi öz saqqalı uzunu axan göz yaşlarını silərkən: – Bala, ölüm mənim üçündür. Allah sənin ölümünü mənə göstərməsin... Qorxma, bala, Allah qoysa sağalarsan... – deyə nəvəsinin üzgözün tumarladı. Xəstə çocuq: – Baba, mən bilirəm, axır nəfəsimdir. Ancaq səndən təvəqqem odur ki, məni özün qəbrə qoyarsan və əgər bu şəhərdə qalmalı olsanız, tez-tez mənim qəbrimin üstə gələrsən, məni unutmayasan – deyərək nəfəsi kəsildi. Yenə də baba və nənəsini qucaqlayıb hər üçü ağlaşdılar. Müslümbəy onları ovudub təsəlli verdi. Sonra doktor yazdığı nüsxəni öz nökərinə verib dərman almağa göndərdi. Sonra Həmid kişiyə xitabən: – Əmi, səsin nə üçün xırıldar? Məgər sən də xəstəmisən? – deyə soruşduqda qocanın əyalı: – Ay başına dönüm, xəstə deyildir, lakin üç gündür ki, çöllərin buzu, qarı bu yazığın qidası, xörəyi olmuşdur, – deyə cavab verdi. Müslümbəy: – Vay, siz acsınızmış... bəs nə üçün, niyə söyləməyirsiniz? – deyə dərhal onlar üçün yemək tədarük etdi və bir qədər də süd gətirib xəstə çocuğa içirtdilər. Bir saatdan sonra nökər dərman gətirdi. Ondan da xəstəyə verdilər. Müslüm sonra öz işinə getdi. Lakin əsr zamanı idi ki, xəstəyə ğişvə ariz oldu. On dəqiqədən sonra ayıldısa da, lakin bütün əhvalı xarablaşmağa üz qoydu. Əl-ayağı soyudu, alnında soyuq tər əlaməti göründü, verilən dava-dərman boğazından keçməyib hiyənglərindən bayıra töküldü. Gecənin yarısınacan bu hal üzrə qaldı. Sevgili balasını bəstəri-ehtizarda görən qoca arvad yumruqla öz sinəsinə vurarkən ərinə xitabən: – A kişi, görməyirsənmi, heç olmasa yasin oxu, balam Quransız keçinməsin – deyə haykırdı. Bədbəxt qoca kişi çaşıb özünü itirdiyindən “Yasini-şərif” əvəzinə “Həmd” surəsi oxumağa başladı. Bir o qədər keçmədi ki, xəstə çocuğun üzünə ölüm rəngi qonub bir-iki dəfə çənə çaldıqdan sonra, nəfəsi qət oldu. Bu vaxt o bədbəxt qocaların başına sanki qiyamət qopdu. Gecənin yarısı özgənin evində, qərib ölkədə ev sahibi narahat olmasın deyə, ixtiyarsız ucalan fəryadlarını sinələrində boğarkən, o soyumuş bədəni qucaqlayıb sızıldadılar... * * * Qaragünlü Həlimə Qış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü. Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar. Göy gurultusundan daha dəhşətli olan top qumbaralarının təraqələri getdikcə artmaqda idi. Həlimə isə ərinin balini-ehtizarından dizlərini qucub odlu göz yaşları tökməkdə idi. Ta ki, qalanın içərisində olan yanğın get-gedə artıb bunların da evlərinə yetişdi. Bir dəqiqədə atəş evin dörd tərəfini əhatə etdi. Ağlayıb, sızlayıb saçlarını yolmaqla gah bayıra yüyürüb, gah içəriyə qayıdırdı. Bu heyndə şeypur sədası eşidildi. Bununla pişdarların qalaya yaxınlaşdığını anladı. Vəhşətdən bütün özünü itirmişdi. Acı, qara tüstü evin içərisinə dolub buruq-buruq pəncərələrdən xaricə çıxırdı. Qırmızı alov küləyin şiddətindən hər dəm zəbanə çəkib yan-yörəni gəmirirdi. Biçarə Həlimə ərinin yarı ölü cəsədini qucaqlayıb evdən kənara çıxarmaq istədisə də, yağmur danəsi kimi tökülən güllələrə məruz olmaq qorxusundan bu fikirdən daşındı. Lakin bir qədər çəkmədi ki, alışmaqda olan pal-paltarı onda bir halət törətdi ki, o, qoca xəstə ərini də unudub, o atəş dalğalarının arasından özünü həyətə-bərəyə atdı. Bir neçə dəqiqədən sonra o, alışan məqbərənin töküntüləri altında zirzəmidəki lağımın da mədxəli qapanıb, biçarə tifillər orada qalmağa məhkum oldular. O fələkzədə çocuqlar qaranlıqda qorxuşub çığrışırdılar. Yekdigərini görmürdülərsə də, lakin əl-ələ yapışıb lağımın içərisinə doğru bir neçə addım irəlilədilər. Lağımın yeri rütubətli olduğundan tez-tez ayaqları sürüşüb yıxılmaq dərəcəsinə gəlirdi. Bir qədər getdikdən sonra Əhmədin ayağı bir şeyə toxunub üzüstə yıxıldı. Alnı nəyə çarpdısa, yarılıb isti bir şey üzüaşağı cari oldu... Ağrının şiddətindən bihal olub tərpənmədi. Zeynəbin əli qardaşının əlindən üzüldü. Fəqət onun iniltisini eşidirdisə, necə olduğunu görmürdü. O bədbəxt qızcığaz öz itiyini aramaq qəsdilə əlini lağımın divarına sürtüb “Əhməd!” Əhməd!” – deyə qardaşını çağırırdı. Qəzadan həmin yerdə bir neçə yolayrıcı vardı. O yetim qızcığaz qardaşını aramaq üçün əlini lağımın divarına sürtə-sürtə bir neçə addım getdikdən sonra dəlilər kimi mütəvəhhişanə bir halda dayandı. Zira ki, Əhmədin zığıltısı daha eşidilməmiş oldu. Naümidliyə qarışmış bir qorxu onun vücudunu sarsıb dizləri taqətdən düşdü. Ucadan ağlamasını şiddətləndirdisə də, lakin lağımın divarında əksi-səda törədən öz səsindən başqa qeyri səs eşitmədi. Qüssədən bağrı çatlamaq dərəcəsinə gəldi. Oyan-buyana yüyürməkdən lağımın divarına əlləri, üzü toxunub yaralandı. Qanlı barmaqlarıyla, vəhşətli qəlbilə itirdiyini nə qədər aradısa, bir əsər, bir nişanə bulamadı. Bilaxirə məbhut bir halətdə dayanıb nə edəcəyini bilmirdi. Bu halda çox uzaqdan qayət zəif işıq kimi bir şey gözünə çarpdı. Ürəyi o qədər şiddətlə döyündü ki, çırpınmasını özü eşidirdi. Çox zəhmətlə sürünə-sürünə o, işıq gələn tərəfə yönəldi. Burası lağımın məxrəci idi. Vəqta ki, lağımdan kənara çıxdı, günəşin nuru onun alnına düşüb havanın soyuğu vücuduna təsir etdikdə ağlı başına gəlib yurdsuz-yuvasız bir biyabanda bulunduğunu dərk etdi. Abadanlıq aramaq xəyalı ilə oyana-buyana diqqət etdikdən sonra çox uzaqda yıxılmış bir tabiyə gözünə sataşdı. İstədi ki, oraya girib qardaşı Əhmədi xilas etmək üçün yardım diləsin. Qədəm götürüb irəlilədikcə ayağının altında qan sıçrayıb üz-gözünə səpələndi. Yerə baxdıqda bir əsgər meyidi gördü. Sonra dönüb geriyə diqqət etdisə, bir məhşəri-əmvat içərisində bulunduğunu müşahidə etdi. Vəhşəti fövqəladə artıb ağlaya-ağlaya oyanabuyana qoşmağa başladı. Ayağı ayağına dolaşa-dolaşa çox getməmişdi ki, bir dərədən beş-on nəfər yaraqlı atlı çıxdığını gördü. Zavallı uşağın qorxudan dizləri titrəyib yerə çökdü. Bu atlılar əsgərlər idi. Onlar o bədbəxt qızcığaza yaxın gəlib əl ilə işarə edərək: ...Qorxma, qorxma – deyə özlərilə getməyə əmr etdilər. O, biçarə qardaşının yanında qalmaq lazım gələrkən xahi-nahaxi onların əmrinə itaət etdi. Bu minval ilə bir neçə ay Anadolu xərabələrində səfilsərgərdan dolaşırdı. Bu müddətdə özü kimi bir neçə nəfər kiçik yaşlı uşaqlar da ona yoldaş olmuşdular. Əsgərlərin əllərindən tökülənləri, bayıra atdıqları şeyləri yeməklə ölümdən betər bir həyat keçirməkdə idi. Tainki bir gün havanın kəskin şiddətli boranı o zavallı çocuğu bir məxrubə evin daldasına sığınmağa məcbur elədi. İçəri girdikdə orada bir neçə nəfər aciz, əlil kişi-arvad gördü ki, libas deyilən şeydən ancaq sətri-övrətdən başqa əyinlərində bir şey yox idi. Ahü əninləri eşidibgörənin ürəyini kabab edər idi. Lakin onların arasında quru torpaq üzrə düşüb qalmış bir insan heykəli, bir arvad şəkli var idi... Belə bədvinəzərdə hər kəs onu görmüş olsaydı, onun insan olub-olmadığını yəqin edəməzdi. Zira ki, şəkli-şəmaili dönmüş idi. Üz-gözü tamamən yanmış və qırışmış idi. Kirpiksiz olan qanlı göz qapaqlarını tez-tez qırpırdı. Bəlli idi ki, işıq onun gözlərinə əziyyət edirdi. Bədəninin görünən yerlərinin dərisi tamamilə yanıb qrırmızı ət qalmışdı. O arvadın kim və nərəli olduğunu bilmədiyi halda Zeynəbin ona rəhmi gəlib pərəstarlıq etmək üçün ona yanaşdı. Lakin biz tanıyırız ki, bu arvad haman Həlimə və Zeynəbin anası idi. O, həsrətlə çıxan xırıltılı səs ilə: – Allah xatirinə, bir içim su, – deyə zarıdı. Zeynəb dərhal qayıdıb soyuqdan donmuş barmaqlarını havrıxa-havrıxa sınıq bir qab parçasında ona su gətirdi. O arvad suyu içdikdən sonra sanki Zeynəbin bu qədər mərhəmətini dərk etməyib böht və sükuta dalmışdı. Lakin qayət ahəstə səslə bir neçə sözlər təkrar edirdi. Zeynəbə o arvadın səsi aşina gəldisə də, tanımadı. Çünki o zavallı heykəl bir parça ət və sümükdən başqa bir şey deyildi. Zeynəb tərəhhümamiz bir qorxu ilə aşağı əyilib onun sözlərinə qulaq verdikdə: “Zeynəb, Əhməd!.. Zeynəb, Əhməd!..” – söylədiyini anladı. Bu kəlmələri eşitməkdən Zeynəbin ürəyi dalına dəyib bir söz söyləmək istədisə, lakin ağlaması danışmağına mane oldu. Dərhal o balaca əllərini ürəyinin üstünə qoyub guya bununla ürəyinin çırpıntısını azaltmaq istəyirdi. Daha artıq səbr edəməyib titrək bir səda ilə: – Anacan, anacan!.. – deyərək balaca qollarını əlilə arvadın boynuna doladı.. Bu dəqiqədə sanki qaragünlü Həlimənin sönük müşairində bir işıq vücuda gəldi. Yetimə balasını tanıyıb quyu dibindən çıxan kimi bir səslə: – Ox, yavrum Zeynəb, sənmisən? Bəs qardaşın Əhməd hanı? – deyə ana-balanın odlu göz yaşları bir-birinə qarışdı... * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.