«Kəlniyət» satiraları Abbas Səhhət (1874–1918) Yol verin! Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk! Avropadan Tehrana, yollandı Nasirəlmülk! * * * Çox şükrlər, çıxartdı hər müşkülü asanda, Yoxdur daha şuluqluq əsla, baxız, İranda, Qoyun gedib kef çəkə bir az Firəngistanda, Çoxdan qalıb İranda, yubandı Nasirəlmülk. Məşrutənin məhsulu dedik bir azca kaldır, Yox, yox, dəyib yetişmiş, daduş, çuval-çuvaldır. Əyanları İranın bütün sahibkamaldır, Görmürsünüzmü nə şöhrət qazandı Nasirəlmülk? İran-zəmini etdi bir kişvəri-səadət, Nasirəddin deyil ki, boş-boş edə səyahət. Çalışmaqdan yetişmiş vücuduna nəqahət, Çox işlədi, yoruldu, usandı Nasirəlmülk. Görmürsənmi İranı saldı necə nizamə? İnanmarsan, götür bax qəzetdə telqramə, Səd afərin, min əhsən bu səyə, ehtimamə, Vətənpərəstlikdə adlandı Nasirəlmülk. Nə şahsevən, nə kürdlər heç kəndləri dağıtmır, Nə hakimlər, nə xanlar xalqın qanın axıtmır, Şuluqsa da nə yapsın, başarmayır, güc çatmır, Söz yoxdu, xeyli kamil insandı Nasirəlmülk. Nə dərdi var, daduşcan, bundan sonra İranın, İranlılar nə xoşbəxt məxluqudur cahanın, Tay deyil onlara əhli Hindin, Əfqanın, Vətən əldən getməyə qoyandı Nasirəlmülk?! Bu ölkədə qədimdən bir adətdir “be mən çe?” Bir fərz ki, İranda qiyamətdir “be mən çe?” İran nizam götürməz, kifayətdir “be mən çe?” Bu cümləni getdikdə qullandı Nasirəlmülk. * * * Aclıq davası Aclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlar üçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra baş-gözü yarılmış, rəngi-ruyi saralmış, kürdlər içinə qaçmış, orada öz igidliyini tərif etmək üçün bu cür meydan açmışdır: Hazıram keçməyə mən canımdan, Keçmərəm dəbdəbəvü şanımdan. Kimdə var cürət ötə yanımdan, Mənə gəl çıx deyə İranımdan, Xəbəri yox məgər əvanımdan?! Yığmışam bir neçə yüz gümrahı, Tanımazlar əbədən Allahı!!. Mənəm İranın ikinci şahı, Qorxmayın xəncəri-bürranımdan, Tez alar əcrini dərbanımdan. İki qardaşım əgər etdi fərar, Tutmuşam təxtü-hökumətdə qərar, Mən olan yerdə kimin cürəti var? Dəm vura məsnədi-xaqanımdan, Ya ki, üz döndərə peymanımdan?! Həmədan şəhrini tarac elədim, Taciri müflisü möhtac elədim, Cütçüsün kəndlilərin ac eylədim, Baş çəkən ribqeyi-fərmanımdan, Su içər navəki-peymanımdan. İstəsəm cümlə İranı qıraram, Kim füzulluq edə boynun vuraram, Kim danışsa tutub ağzın cıraram, İstəsə bəhs edə üsyanımdan, Ya ki, söhbət aça vicdanımdan. Kimə nə meyvəmizi özgə dərir? Babamın əkdiyi tumdur göyərir, Bu sayaq dadlı, gözəl meyvə verir. Rəşt, təbrizü Xorasanımdan, İsfəhan ilə Loristanımdan. Cavabın qaytara hər kəs sözümün Ataram nuri də olsa gözümün, Mülki-İran özümündür, özümün! Hazıram keçməyə mən canımdan, Hərgiz əl çəkmərəm İranımdan! * * * Təqdir edəlim! Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini, Sayalım sevgili millətçilərin himmətini, Bakının “Nəşri-maarif” kimi cəmiyyətini, Millət uğrunda onun çəkdiyi çox zəhmətini, Barəkallah, necə xoşbəxt eləmiş millətini, Bir ağızdan bağırıb onları təqdir edəlim! Qəzətə, jurnala min fəxr ilə təhrir edəlim! Nə qədər məktəb edibdir azacıq vaxta güşad, Xidmət etmiş, nə deyim, türk dilinə xeyli ziyad. Açdığı darülmüəllim yetirir min ustad, Gərək əcdadımızın ruhu da olsun dilşad – Ki, qoyub getdi bizim kimi çalışqan evlad, Borcumuzdur ki, o cəmiyyəti təqdir edəlim! Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim! Gör kitabla dolu məccani kitabxanələri, Tikilib vəqf olunmuş neçə viranələri, Qəzetin azdı sayından darının danələri, İş görür millətin aqilləri, fərzanələri, Yaraşır atəşi-həsrət yaxa biganələri, Gəliz, ey millət, o cəmiyyəti təqdir edəlim! Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim! Bang vardır, Bakı cəmiyyətinin milyonu var, Tək deyil, qeyri şəhərlərdə də bundan onu var, Bizə nə xərcləməyir, xərcləməyin də donu var, Yoxsa xidmətlərinin nə başı var, nə sonu var, İştə təqdim edəlim, hər kəsin əla xunu var. Bir ağızdan bağırıb onları təqdir edəlim! Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim! Həm Şamaxının “Üxüvvət” deyə bir məktəbi var, Necə məktəb? Nə “Üxüvvət?” neçə də mərkəbi var! Məktəbin yoxsa pulu, pulluların mətləbi var, A canım, hər kəsənin bir dini, bir məzhəbi var, Neçə min üzvü, iki sədri, beş-on məkrəbi var, Gəliz ol “məktəbi”, ol “məzhəbi” təqdir edəlim! Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim! Qaldı bir mətləb, “jurnal”, onu təfhim etmiş, “Professor” rəşidin şəklini tərsim etmiş, Göstərib xidmətini aləmə təqdim etmiş. Rus dilində bizə islamlığı təlim etmiş? Bu sayaq xidməti öz millətinə kim etmiş? Rəşidin yazdığı asarını təqdir edəlim! Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim! Sayəsində rəşidin öz dilimiz qurtulacaq, Ay can, evladlarımız hülhülü məzhəb olacaq, “Professor” rəşidin cibləri pulla dolacaq, Gər müsəlman tapıla saqqalını həp yolacaq, .............................. Gərək ol fazili, ol alimitəqdir edəlim! Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!.. * * * Zəhmət çəkmə! İki gözüm, millətçün zəhmət çəkib çalışma, Yanıb millət oduna pərvanə tək alışma. Nə gərəkdir türk dili, canım, gözüm bizlərə? Biz uymuşuq həmişə gözəl-gözəl qızlara. Gəl bulvara, passaja gecə-gündüz çıxalım! Canalıcı marallar, löbətlərə baxalım! Danışalım, alışıb düşünəlim, güləlim! Dinləyəlim, söyləyib düşünəlim, öləlim! “Ana dili gərəkdir”, nahaq yerə bəhs açma, Biz məhv olmaq istərik, yoldaşlıqdan heç qaçma, Bizə təmiz insan tək ömür eləmək, yaşamaq, Çox eyibdir türk adın bizə daim daşımaq. Gəl gedəlim kef ilə meyxanəyə, içəlim! Həm mülkdən, millətdən, dinimizdən keçəlim! Danışalım, alışıb düşünəlim, güləlim! Dinləyəlim, söyləyib düşünəlim, öləlim! Ana dili, qardaşım, bizə mütləq zərərdir, ............................ Nə edirlər qoy etsin, olar bilər özləri. Bizim kimi heç kimin açıq deyil gözləri. Millət məslək, əqidə boş (bir) sözdür, ay canım. Gəl kef çəkək hər gecə, ay başına dolanım. Danışalım, alışıb düşünəlim, güləlim! Dinləyəlim, söyləyib düşünəlim, öləlim! Türk dililə tərəqqi etmək bizə məhaldır, Mənfəət yox, boş şeydir, ancaq böyük zavaldır. Millət üçün, məsəldir, ağlayan göz kor olar, Çox yaş tökmə gözündən, bozbaş, piti şor olar. Gəl gedəlim duxana, piyan olub qalalım! Qeyrət ilə namusu satıb içki alalım! Danışalım, alışıb düşünəlim, güləlim! Dinləyəlim, söyləyib düşünəlim, öləlim! Yaşamaqdan məqsəd həp kef çəkməkdir, vəssalam Araq, çaxır, pivədir, borş yeməkdir, vəssalam. Gəl girəlim biz sora xanımların qoluna, Fəda edək hər şeyi məhvəşlərin yoluna, Qövmiyyəti rədd edib, milliyyəti atalım! Mal ki mala yapışdı, canı-cana qatalım! Danışalım, alışıb düşünəlim, güləlim! Dinləyəlim, söyləyib düşünəlim, öləlim! * * * Student Studentik, mey içib məst olarıq, Hər gecə bir qıza pabəst olarıq, Başımız vodka ilə dolduqda, Çıxarıq səhnəyə artist olarıq. Yoxdur heç məsləkimiz, məzhəbimiz, Belə tiplər yetirir, məktəbimiz, Fikrimiz zövqü səfa sürməkdir, Yaşamaqdan tək odur mətləbimiz. Gah gülüb, gah yügürüb, gah ularıq, Gah qusub fərşi-libası bularıq, Paltarın düyməsini gah da açıb Xalqın üstün-başın azca sularıq. Yoxdur insafü sədaqət bizdə, Nə də düz-doğru rəfaqət bizdə. Qaldı tənbəlliyi sorsan, o da var, Babadan qalma bir adət bizdə. Studentik, deyilik biz realist, Aramızdan çıkamaz idealist. Sevərik təkcə cibişdanımızı, Eqayistik, ateist, sansualist. Bizləri sahəti-Şirvan yetirir, Nə ki vəhşi, cibişdan yetirir, Ay bölə ölkə abadan olasan! Bax, nə qeyrətli müsəlman yetirir! * * * Bənzətmə Göstərdi mahi-ruzə üfüqdən liqasını, Çəkdi əzançılar da obaşdan səlasını, Geydi axund, əfəndi xeyir-şər libasını, Minbərlər üstə ney tək ucaldıb nəvasını, Ta təkfir eyləsin yenə millət bəlasını. Bir yan qurub cəmaət üçün mollalar tələ, Bir yan əvamlar çəkir əfyunü nargilə, Bir yanda bənd olub hacılar zülfü kakilə, Fikrində sevdiyin gecə salmaqdı mənzilə Məsciddə vird edərkən orucluq duasını. Başdan su çox yaman bulanıb, rəngi mur qalıb, Millətdə gözlülər qırılıb, yalxı kor qalıb, Ruhanilərdə əski nüfuz, köhnə zor qalıb, Sönmüş təməddün atəşimiz, azca qor qalıb, Söndürmək istəyirlər onun da ziyasını. İş görmədən rəislərimiz şöhrət axtarır, Arif olan nə dinü nə milliyyət axtarır, Şeyxlər ayağın ovmaq üçün övrət axtarır, Zahid haram-halal aramaz, cənnət axtarır. Heç kəs eşitməyir daha vicdan sədasını Çün içkiyə cavanlarımız mail oldular, Var-yoxlarını uduzmağa tez qail oldular, Axırda dərbədər dolanıb sail oldular, Bilməm ki, istədiklərinə nail oldular? Ya qucdular ya yox, İvanın Soniyasını? Alim deyir: Cibimdə gərək ağ manat ola, Cahil deyir: Şərabü zinavü lüat ola, Dərviş deyir: Çırağım ağamdan bərat ola, Ellikdə səy edirdin fatü mat ola, İslamlığın qazır hamı birdən binasını. İşlər fənadı, bir neçə padvallar olmasa. Əllərdə rumka, boynu-kraxmallar olmasa, Yox, səhv eylədim, şələ-saqqallar olmasa, Tiryakü höqqə biz maşanaqqalar olmasa, Bu işlərin fəna görürəm intəhasını. * * * Deyim, deməyim?! Yenə dərdim təzələndi, “Kəlniyət!” Gözlərimə kül ələndi, “Kəlniyət!” Xəbərin yox nə bidətlər çıxartmış – Mərsiyəxan, şeyx, əfəndi, “Kəlniyət!” Etdiklərin bir-bir deyim, deməyim? Yox, demərəm, çün bir dəfə demişəm, Mollalardan bollu kötək yemişəm. Dedim axund, seyid, dərviş yamandı, Mənim kimi axmaqlar da inandı. İndi millət nə kül töksün başına, Ariflər də gecə-gündüz piyandı, Başqa eyiblərin yazım, yazmayım? Yox, yazmaram, çün bir dəfə yazmışam, Döyülməkdən qorxub, qaçıb dazmışam. Xəlqdən bir vaxt inciyərdim, “Kəlniyət!” Bilirsənmi, neyləyərdim, “Kəlniyət?” Məşhədiyə, hacıya, kalbalıya – Yaxşı bədyələr deyərdim, “Kəlniyət!” İşlərin üstünü açım, açmayım?! Yox, qanmaram, çün bir dəfə qanmışam, Üzdən iraq, min yerdən oxlanmışam. Dedin, köhnəpərəstlər bişuurdu, Onlar da çarəsiz dayandı, durdu. Fürsət düşcək tazələrin əlinə – Gör nə sayaq azqınlaşdı, qudurdu. Əməllərin bir-bir sayım, saymayım?! Sayacağam, sayıram, həm saymışam, Xəyanətlərin aləmə yaymışam. Tazələr, ay tazələr! Hər gün moda tazələr! Qoyun getsin bunları Barışnayla gəzələr. * * * Orucluğun proqramması Gəldi yenə orucluq Meydanə, ay can, ay can! Məscid dolub boşaldı Meyxanə, ay can, ay can! Gördükdə süfrələrdə Dolma, tərək, badımcan, Lay-lay basıb aşırram İftara mən doyuncan. Çıxsın canı baxırsa, Qonşum yetimçə Xancan, Varsın qənaət etsin – Ayranə, ay can, ay can! Əmr etmişəm səhurə Bişsin plov bu başdan. Neylim ki, tapmayır ət Kasıb-kusub obaşdan. Tapşırmışam ki, vursun Kəfkirini yavaşdan – Aşbazım aş çəkəndə – Qazanə, ay can, ay can! Həqqən orucluğun var Çox-çox mühəssənatı: Molla çəkər səlatı, Tacir verər zəkatı, İrsal edər müridlər, Peydərpey ağ manatı, Bənzər evim, otağım – Dükanə ay can, ay can! Görcək məni uzaqdan Qalxıb hamı durallar. Öpməkliyə əlimdən Sürətlə səf qurarlar. Hökm eyləsəm filanın Boynun vurun, vurarlar, Bənzər bizim cəmaət – Heyvanə, ay can, ay can! Hər kəs öpər əlimdən İzhar edər xülusi, Min məkrü hiylə ilə Mən toplaram fülusi, Kibr ilə minbər üstə Hər gün edib culusi, Hökm eylərəm ümumə – Şahanə, ay can, ay can! Kim öpməsə əlimdən, Ya verməsə ianə, Dinsizliyin o saət Əldə edib bəhanə. Təkfir oxun atıb da Tez eylərəm nişanə, Var əldə dürlü fürsət – Böhtanə, ay can, ay can! Minnət qoyub edərkən Dəvətləri icabət, Təxir ilə namazı Qıllam əda o saət, Təqvamı ta ki, görsün Vəsf eyləsin cəmaət, Zəhmət də olsa olsun – Mehmanə, ay can, ay can! Xalqın yanında artıq Olmaqçün etibarım, Təqva gərəkdir olsun Zahirdəki şüarım, Gizlində heç pis işdən Keçmək deyil qərarım, Neylim, dəyərsə, dəysin – Vicdanə ay can, ay can! İndi bir ay orucluq, Meydan dəxi bizimdir, Meydanda qaimülleyl Cövlan dəxi bizimdir. Çay, süt, yumurta, qəhvə, Qəlyan dəxi bizimdir. Xümsü zəkatü fitrə, Ehsan dəxi bizimdir. Dəvət edər cəmaət Ehsana, ay can, ay can! Hər yanə, ay can, ay can! Ay can, ay can, ay can, ay can! * * * Çəpər çəkməsin Zəmanəmiz Nuşirəvan əsridir, De bağbana, bağa çəpər çəkməsin! Bəşər daha heyvanlıqdan əl çəkib, Qoruqçu otlağa çəpər çəkməsin! İyirminci əsr – ölülər xortlayır, Görmürsənmi qoyun qurdla otlayır? Toyuq gündə bir qızıl yumurtlayır, Xoruz banlamağa çəpər çəkməsin! İyirminci əsrdir! Axmayır qanlar, Ətəkliyən yoxdur qızsın balkanlar, Partlasa da, nə eybi var, vulkanlar, Ancaq alışmağa çəpər çəkməsin! İnsaniyyət, məhəbbət xadimləri, Avropanın insaflı alimləri, Qoy himayə etsin bəhayimləri, Türkü qırdığıma çəpər çəkməsin! Avropada ilbiz, siçan yeyənlər, İslamlara vəhşi, cahil deyənlər, Edam cəzasını bəyənməyənlər, Bomba qayırmağa çəpər çəkməsin! Çox sakitdir Balkan hökumətləri, Türklərə heç dəymir əziyyətləri, Qərar qoymuş Avropa dövlətləri Serbə, Qaradağa çəpər çəkməsin! Vicdandan dəm vuran çox ali zəvat, İddiasın edir tamami isbat, Hər nə yazır, deyir, yazsın mətbuat, Tək böhtan yazmağa çəpər çəkməsin! Rəhm etmir etməsin qardaş qardaşa, Ac qurd kimi molla soxulsun aşa, Qiyamət qopsa da, düşməsin başa, Xalqı tovlamağa çəpər çəkməsin! Qoy başını arxayın yat, “Kəlniyət!” Yuxun gəlmir, get tiryək at, “Kəlniyət!” Heç kəsdən etmə ehtiyat, “Kəlniyət!” De bağbana, bağa çəpər çəkməsin! * * * Çox yaşa! Ay bərəkallah sənə, Kamil paşa! Qəlyanı çək, qəhvəni iç, çox yaşa! Türklər ərz etdi görürsüzmü ya? İştə gəlir hərbə qrek, Serbiya, “Biz hələ hazır deyiliz davaya”. Boylə cavab söylədi Kamil paşa, Afərin, əhsən belə aqil paşa! Elmü fərasət belə olsun gərək, Səbki-rəyasət belə olsun gərək, Rəsmi-siyasət belə olsun gərək, Ay bərəkallah sənə, Kamil paşa! Qəlyanı çək, qəhvəni iç, çox yaşa! Etsə də düşmən sizi hərgah hədə, Yığma qoşun, cəm eləmə sərhədə, Boş yerə etmək nə gərək ərbədə, Gər çalına zurna müridlər coşa, Haşa siz ilə bir adam sallaşa! Mastika iç, ver uruğu qəlyana, Baxmaq, əfəndim, nə gərək Balkana, İşləriniz olsa fəna, əhyana, Min vapora, qaç Yapona birbaşa! Baxma qalan xırda qohum-qardaşa! Həbs elə hər yerdə cavan türkləri, Çünki olar əyri qoyur börkləri, Düşməniniz tərsə geyib kürkləri, Sizləri hər vaxtda basarsa daşa, Təqsirini yüklə o dəm yoldaşa. Eybi nədir düşsə əgər partapart, Vur, dağıt, öldür, yıxıl öl, şartaşart, Lobyəni zeytun yağı ilə qızart, Doğra daha bamiyəni bozbaşa, Sonra toyuq köksü ilə get aşa, Qəlyanı çək, qəhvəni iç, çox yaşa! Afərin, əhsən sənə, Kamil paşa! * * * İtaliya Deyirlər daha qorxur Allahından İtalya, Keçir indi türklərin günahından İtalya. Taxsırları çox idi osmanlının əlbəttə, Tripoli vermədi istənilən səatdə. Odur ki, hirsləndilər farslar kimi bir vəqtdə, “Türk qırdı” – hökmün aldı öz şahından İtalya. Dava paroxodların minib, o dəm çapdılar, Dərnəni, Benqazini, Qirvanı qapdılar, Sonra Babanzadəni, Sadiq bəyi tapdılar, Keçmədi bunların da dilxahından İtalya. Əlbir olub qoçaqlar məqsudlarına çatdılar, Jon türklərin qolundan tutub fırıldatdılar, Tripolini bir ətək qara pula satdılar, Kim keçir, ki, keçsin öz səlahından İtalya. Arnavudlar uzatdı şalvarın miyançasın, Coşdu albanlar, qapdı tüfəngin, tapançasın, Yevropalı səbkilə çaldı Şərq kamançasın, Xoşlanmadı Məşriqin segahından İtalya. Olmadığıyçün şirin Tripolin xurması, Gəldi verdi türklərə yüngül qulaq burması. Səlah oldu aqibət, ləngər salıb durması. Yoxsa qayıtmalıydı öz rahından İtalya. Balkanlılar tərsinə geydi köhnə kürklərin, Qorxutmağa durdular Avropanın türklərin, Fürsət tapıb bunların qapdı, qaçdı börklərin, Çünki məəttəl idi külahından İtalya. * * * “Kəlniyət”ə məxsus ədəbiyyat “Kəlniyət” az çək daha zəhmət, dadaş, Xəlqi nahaq etmə məzəmmət, dadaş, Ortalığa çıxdı həqiqət, dadaş, Boş, quru sözdür, mədəniyyət, dadaş, Həqli olur hardasa qüvvət, dadaş. Cahil isə, asyalı isə adım, Avropanın da işini anladım, Atmaram onlara tərəf bir addım, Bunlar edir aləmi qarət, dadaş, Yoxdu cahan içrə ədalət, dadaş. Yox, qələt etdim, deyil əsla belə, Səhv elədim, səhvimi sən əfv elə, Arxayın ol, aç başını ver yelə, Yer üzü olsun daha cənnət, dadaş, Yox nə təəssüb, nə adavət, dadaş. Kükrüməyib köhnə neçə qanlılar. Tapdalamır islamı balkanlılar, Kəşməkəşə düşməyib osmanlılar, Olmayıb əlbir neçə dövlət, dadaş, İstəmir islama ihanət, dadaş. Təfriqə, məzhəb sözü heç varmı, yox? Ortada Allah sözü heç varmı, yox? Türkləri görmək gözü heç varmı, yox? İştə əməl, işdə üxüvvət, dadaş. Gör nə deməkdir bəşəriyyət, dadaş. Əsri-ədalətdi, canım, əsrimiz, Zərrəcə yoxdur daha kəm-kəsrimiz, Göydən enir fəthü zəfər nəsrimiz, Get yaşa asudə, fəraqət, dadaş, Yat daha rahət, dadaş! Çəkmə əziyyət, dadaş! Gözlə bu ortaqlı mal, Ta ola qismət, dadaş! * * * Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız) “Kəlniyət!” Al bircə qələmdan, kağız, Tezlik ilə jurnala bu vəzni yaz, Söylə, sənin uydıcağın pişnamaz, Qopsa qiyamət, yenə də anlamaz, Olma, əzizim, başına çarəsaz. Mollaya daim başını bağla, yat, İşlə gətir, ver boğazın yağla, yat, İnciyə canın dur, ayıl, ağla, yat, Qəm tozunu özgəsi zira yumaz, Ay yazıq, ay biçara, ay anlamaz. Baxma, yalandır, qəzetə, jurnala, Söz desə hər kəs, başını yırğala, Köçsə də karvan, hələ yat, qal dala, Al külügü öz-özünə qəbr qaz, Ay yazıq, ey biçara, ey anlamaz. Get otur evdə, başına sal şalı, Sən ki deyilsən kişi, ey anqalı! Sürməni çək, ənliyi yax, qoy xalı, Yad kişinin arvadı ol, eylə naz, Tut başını, ta ki, vurulsun qapaz. Qoy sürünü səng eləsin it, pişik. Çəkmə qoyunların üçün sən keşik, Qaç da, siçan tək satın al bir deşik, Çıxma yuvandan eşiyə qış və yaz, Tut başını, ta ki vurulsun qapaz. Şükr elə Allaha, ye bozbaşını, Vur, yıxıt öz qohmunu, qardaşını, Özgə qapaz vursa, uzat başını, Səbr elə, heç vaxt eləmə etiraz, Ey yazıq, ey biçara, ey anlamaz. Səhl işini, yat, bala, müşkül elə, Sonra ayıl, dur, başına kül elə. Səbr elə Allaha, təvəkkül elə, Dərdü-bəladan eləmə etiraz, Tut başını, ta ki, vurulsun qapaz. Qarğa gələrsə gözünü oymağa, Razı ol ac qarnı onun doymağa, İstəsə qəssab dərini soymağa, Qul kimi göstər ona iczü niyaz, Əy başını, ta ki, vurulsun qapaz. * * * “Üxüvvət” məktəbi Nə oldu, Şirvan əhli bəs – Mədrəseyi – “Üxüvvət”in? Yoxsa gözə gətirdilər Tezbazar oldu hümmətin? Çatdı ya ki, uşaqların, Künhünə elmü sənətin? Yaxşı ki, qorxub az yedin, Toxluq edər təbiətin. Yoxsa axund-əfəndilər Mədrəsəni qapatdılar? Qüsl verib, hünut edib Qəbr içinə uzatdılar, Zorba, yekə qayaları Üstünə yumbalatdılar, Ciblərinə ziyan idi – Ya rüəsayi-millətin? Mədrəsənin dəyişdirib – Adın məktəb adladınız. Təcrübəli müəllimi “Təzəcə məzhəb” adladınız. Doğru deyən yazıqları “Babi məzhəb” adladınız. Qoyduz “Üxüvvət” adını – Təfriqənin, ədavətin. Mən demədimmi bir belə Boş-boşuna yalan demə, Üstü açılsa eyibdir, Pərt olusan utan, demə. Aləmi cahil adlama, Qanmayana qanan demə. İndi de sabit oldumu Öz-özünə cəhalətin? Zurna çalındı, köçdü el, Sən yuxudan oyanmadın. Düşmənə bavər etmədin, Dost sözünə inanmadın. Şairi kafər eylədin, Hər nə dedisə qanmadın. Söylə görüm ki, kimdədir – Ən böyüyü qəbahətin? Çəkdi kənara mollalar, Hər kəsən öz yaxasını. Mərsiyəxan, mürid, sofi Tazələdi çuxasını. Şiryə, qumara sərf edir Pullular öz səxasını. Kim qalacaq, deyiz görüm, Dərdinə bəs cəmaətin?! * * * Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”) “Kəlniyət”, ağrın bu qoca naqqala, Bircə sözüm var, onu yaz jurnala, Söylə bizim tənbələ, yat, qal dala, Yorğanı çək başına, sən çulğala, Barmağını burnuna sal, qurdala. Ay hacı, ay məşhədi, ay kəblayı, Ay əmi, ay molla, a bəy, ay dayı, Qəlyanı çək, tiryəki at. İç çayı, Yax hənanı, ver uruğu saqqala, Get hamama, yat, yuxula, qal dala. Elmü ədəbdən usanıb nifrət et, Çıx küçəyə, dadlı söyüşlər eşit, Molla təki sən qoyun ardınca get, Çıx qayadan at özünü parçala, Düş, yıxıl öl, yat, yuxula, qal dala. Etmə həvəs məktəbə ya sənətə, Heç biri dəyməz buların bir çetə, Adət elə fəhləliyə, zillətə, Hambal olub daş daşı, çap, yorğala, Sonra uzan, yat, yuxula, qal dala. Olma xoruz, get toyuq ol, banlama, Etmə məzəmmət, özünü danlama, Vəzü nəsihət eşidib anlama, Söz deyənə saqqalını yırğala, Rahət uzan, yat, yuxula, qal dala. Kursu qutar, qoltuğa al papkanı, Qaşlarının üstünə qoy şapkanı, Batsa elin, çək başına yorğanı, Tərbiyəni böylə verir uşkola, Yoxsa sən azdın yolunu, ay bala? Vur qumarı, iç çaxırı, nuş elə. Milləti-islamı fəramuş elə, Mariya, Sonyanı dərağuş elə, Hər kəsə ki, çatdı gücün, tapdala, De, yalanı, doğru sözü daldala. Quldur olub ev tala, qanlar axıt, Açsa kim ağzın, təpəsin vur, dağıt! Çeynə ətin qardaşının xırta-xırt, Xəncəri çək, vur, iki böl, şappala! Rahət uzan, yat, yuxula, qal dala. * * * Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”) “Kəlniyət!” Ey dərdimizin dərmanı, Dinlə, sözüm çox da deyil tulanı, Sən tanımırsan bu bizim mollanı, Başın üçün, yoxdur həyası, qanı, Halvanı görcək unudur Quranı. Kərbəlayı, molla cibişdanqulu, Xalqı soyub bangə qoyubdur pulu, Bircə deyən yox ona “ay bambılı”, İndi ki, tərk etməlidir dünyanı Sən niyə dördəlli tutubsan onu?” Dəmbədəm ülgüc-bülövün savlayır, Milləti min hiylə ilə tovlayır, Körpə, yetim cücələri ovlayır, Çox iti qaynaqlıcadır tərlanı, Gör necə viran eləmiş İranı. Kuçədə naz ilə edərkən xüram, Lütf edib almaz füqəradan salam, Kasıba hərgiz eləməz ehtiram, Daim özün eylə tutar sallanı, San bu cənab xəlq eləmiş dünyanı. Pullunu görcək su kimi axmayır, Otduğu yerdən ayağa qalxmayır, Üzdən iraq, ağ üzünə baxmayır, Minbərə tərlan kimi ta tullanı, Püskürür, atəş sovurur hədyanı. Bir neçə qansız, həyasız adəmi, Cəm eləmiş başına, yoxdur qəmi, Xəncərin indi kəsir ardı, dəmi, Hər gecə bir yanda yeyir büryanı, Sonra xoruldatmadadır qəlyanı. Kəndi dilənçiykən, adı ağadır, Xalqa rəis olmuş, özü çağadır, Fikri fəqət milləti soymağadır, Yoxdu fəzilətlərinin sayanı, Bəsdi daha, ərzim olar tulanı. * * * “Səni mən sevməyirəm, sevməyirəm...” Bir zaman millətimiz alim idi, Bilmirəm noldu ki, yatdı əbədi. Get-gedə qəflət edib elmə dedi: “Səni mən sevməyirəm, sevməyirəm”. Cahil olduqda, qapandı gözümüz, Qanmadıq, evmizi yıxdıq özümüz, Sənətə, elmə bu oldu sözümüz: “Səni mən sevməyirəm, sevməyirəm”. Rövzəxan söydü bizi hiylət ilə, Xalqın ağzın qapadı lənət ilə, Anlayan şəxsə dedi nifrət ilə: “Səni mən sevməyirəm, sevməyirəm. Mollalar təfriqəyə oldu səbəb, Çıxdı yetmiş ikidən çox məzhəb, Dedi yek-digərə bunlar əğləb: “Səni mən sevməyirəm, sevməyirəm”. Zillətə cəhlə düşəndən bu yana, Düşmən olduq mədəniyyətlə fəna, O bizə söylədi, bizlər də ona, “Səni mən sevməyirəm, sevməyirəm”. Yar ararkən özünə Sonya xanım – Deyirik gəl başına mən dolanım, O bizə söylər: “İtil, get, a canım! Səni mən sevməyirəm, sevməyirəm!” Çatcaq övladımız on beş yaşına, Qətlü qarət dolur ancaq başına, Deyir öz qohumuna, qardaşına: “Səni mən sevməyirəm, sevməyirəm”. Günü-gündən işimiz oldu yaman. Rahətü afiyyətü əmnü əman, Əlvida etdi bizə, qıldı bəyan: “Səni mən sevməyirəm, sevməyirəm”. * * * Şeir yaxud mer Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb- həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik. Bax, budur, “Ələmdar” adlı qəzetdə beləcə bir şey yazılmışdır. Həmin meri yazmaqdan qabaq bilmək gərəkdir ki, “Ələmdar” nə deməkdir? Yəni bayraq tutan, habeləcə, bununla biz biləcəyik ki, türk aləminin bayraq tutanı nə qanacaq və nə fikrin sahibidir! Pəh, pəh afərinlər olsun, Allah yaman gözdən saxlamasın! Gələlim şairin kamalına. Daha orası şayani-heyrət bir şeydir. Əgər böyürdən bir nəfər qayıda, deyə ki, “heyf ol kağız-mürəkkəbdən. Otlamaq yaxşıdır belə təbdən” nahaq demiş olar. Biz ancaq o merlərdən bir-iki sətir nümunə üçün yazıb vıstavkaya göndərmək üçün oxucularımıza təqdim edirik. Mer bir qəsidədir və beləcə başlanır: Əl-həqqu caə həmdən, ya eyyuhəl-əfazil Qülvəllikey tüsafir min indəna əl batil. Təxlisi-Mülkə çarə varsa bu kəşməkəşdə, Fikrimcə əvvəl Allah, sonra duayi-kamil. Mənasının nə demək olduğunu soruşsanız, onu nə mən bilirəm, nə siz bilirsiniz, nə də yazan özü bilir. Ancaq bu qədər var ki, sözün təhə- rindən tərifnamə yazıb bir böyük şəxsi mədh edibdir, tainki puldan- muldan alıb cibişdanına qoysun. Bu merlər çox gözəl olduğundan bizim də xoşumuza gəldi ki, ona bir nəzirə yazaq və beləcə də yazdıq: Bilməm nasıl çobansan, ey merbafi-cahil – Kim, bal kimi şirindir səncə səmi-həlahil. Qoşmaqlığa kotanə, yaxud ki, bizləməkçün, Heç bir naxırda olmaz, hərgah sənə mümasil. Təsdiq edər təbabət kim, olmusan müxəbbit. Rəyin cünuni-mütləq, fikrin xəyali-batil. Türklər nicat tapmaz heç şəkki-şübhə yoxdur. Ta vardır ortalıqda min sən kimi ərazil. İdrakını qaraltmış xaliq, odur ki, yatdın – Bunca çalındı zurna, düşdü yerə qəvafil. Övsafını kitabət etmək kifayət eylər, Zira ki, öz qəsidən olmuş o vəsfə şamil. * * * Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”) Bəsdi daha “Kəlniyət”, Yazma Belə yazını, Etmə məzəmmət nahaq, Rozəxanı, qazını. Çəkmirsə millət əgər Bu firqənin nazını Bəs de görüm bunların Kim azdırır vazını? Min ayə tövciyə qıl Bundan sora qanmaram, Vəz, nəsihət nə qədər – Etsən də aldanmaram. Nə şeyxə, nə arifə Heç vaxt tovlanmaram. Hər kəsə gəlsən də gəl, Gəlmə mənə bazini. İnan ki, zəhləm gedir Qəzetdən, jurnaldan. Gəl bir qədər bəhs edək, Zülfü xətü xaldan. Çəkmə bu millət qəmin, Danış bar az haldan. Unut canım, “Kəlniyət”, – Müstəqbəli, mazini. Bu dünyada nə gördük, Ta çalışaq, sağ qalaq? Qalsaq da pəkraq odur Kor, şil ya axsaq qalaq. Qəm çəkmə, vur podnosu, Götür müxəmməs çalaq. Çağır Tatvos kirvəni De, kökləsin sazını. Mən dadmışam cahanın Çox təlxü şirinini. Müsəlmanlar itirmiş İslamını, dinini. Ariflərin anlayar Millət də təlqinini, Hər vaxt ölü eşitsə Mollanın avazını. Hiyləgər dövranı gör Xalqı ipdə oynadar. Milçəyə bax, milçəyə Xortumuyla fil udar, Gör necə zəmanədir Rindi zahid aldadar. Ruzigarə baxginən Dovşan tutur tazını. * * * Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”) Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası, Yalnız demə kim, mollaların boşdu qafası, Varsa oxumuş kimsələrin mehrü vəfası, Neyçün dayanır boş-boşuna bəs ürəfası? Səndən kömək istər dəxi millət züəfası, Tənqid odunu yağdır, o mikrobları yandır! Çal suri-Srafili, bu əmvatı oyandır! Yox diqqət edən, müftə yeyənlər havalandı, Xalqın arasında hərə bir rütbə qazandı, Sonra hamı birdən ki, dolandırdı sapandı, Daş atdı, durulmuş suyumuz tezcə bulandı, Durma daha, endir qapazı, iş yavalandı, Tənqid odunu yağdır, o mikrobları yandır! Çalsuri-Srafili, bu əmvatı oyandır! Bəy dəhyek alır, molla yığır xümsü zəkatı, Bu müftə yeyənlər taladı kəndi, dəhatı, Şərqin qoxumuş, doğrusu, meydani-həyatı, Dəf etmək üçün himmət ilə bu həşəratı, Tənqiddir, əlbəttə, bunun rahi-nicatı, Tənqid odunu yağdır, o mikrobları yandır! Çalsuri-Srafili, bu əmvatı oyandır! Əsrari-xudanı demə cahillərə, gizlə, Hər vaxt ulağa getməsə, vur, dürtmələ, bizlə, Aç əhli-riyanın işinin üstünü, izlə, Tut arxasını, vur yerə, bas qarnını dizlə, Murdarlığı at, aləmi-islamı təmizlə, Tənqid odunu yağdır, o mikrobları yandır! Çalsuri-Srafili, bu əmvatı oyandır! Sən get birinin surini borc al, Ərşin damının üstünə çıx, aləmə səs sal, Bu məhşəri-əmvat oyana bəlkə bu minval, Fisqin duyulub indi ki,oldun sofi saqqal Çal, sevdiciyim, çal mələyim, çal gözəlim, çal, Tənqid odunu yağdır, o mikrobları yandır! Çalsuri-Srafili, bu əmvatı oyandır! * * * Odessa xəyalatı Gündən-günə zülmün, a fələk, lap betər oldu, Hər kəs özünə çul toxudu, bəxtəvər oldu. Baş götdü yetim Məmdəli, qaçdı, gedər oldu, Mülkündən, evindən kürünüb dərbədər oldu. Qucmuş dizini, indi bu cür fikr edər oldu: Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. Lənət gələ dünyayə ki, bimehrü vəfadır, Tüf dövrü zəmanə, hər işi dərdü-bəladır. Halım nə yaman, kövkəbi-bəxtim nə qaradır. Səyim necə bifaidə, halım nə fənadır. İran şahı – qürbət çölü, ayə bu rəvadır? Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. Asudə babam əllicə il sürdü hökumət, Yevropaya dörd dəfə gedib, qıldı səyahət. Səhv etdi atam, xalq adını qoydu “ədalət”, Məşrutəni bilməm nə qanır heç bu cəmaət. Tək mən yazıq oldum, belə bica yerə bədbəxt, Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. Toplandı cəmaət ki, gərək əncümən olsun, Söz verdi atam, eybi nədir, sizdeyən olsun, Növbət mənə çatdıqda, dedim, mən bilən olsun, Olmaz bu ki, şah ilə gəda haqda tən olsun? Ancaq mənə tabe gərək, əhli-vətən olsun! Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. Quranə yəmin etdim isə, sonra unutdum, Əhrarı, fədailəri birdən topa tutdum. Zənnimcə, fəsadın bulağın yaxşı qurutdum, Viran elədim məclisi-İranı, uçurtdum. Tapdısa qumarbazlar əlimdən özüm uddum. Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. Bu nanəcib iranlı ilə xeyli savaşdım, Gördüm ki, şuluqdur işim Avropaya qaçdım. İnsaflı adamlarla bir az vaxt yanaşdım, Gəldim yenə İrana, təzə mərəkə açdım, İş tutmadı, çarəm kəsilib sonra uzaşdım. Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. Qaçdımsa da, gec-tez yenə İranə mənəm şah, Fikrimdə bu var kim, qayıdam İranə gah-gah. Olmuşsa da büryani-pədər, süxteyi-gümrah, Olmaz üləma ilə xəvanın mənə ikrah, Mən xəl olunam, heç bu rəvadırmı, sən allah?! Əfsus, bütün səylərim bisəmər oldu, Səd heyf ki, zəhmətlərim axır hədər oldu. * * * Rozəxan Get, axund, bir qara əbayə bürün, Bir əlin millətin cibinə uzat. Bir əlin kömləyin yaxasına at Minbər üstündə xalqa böylə görün. Bu təmaşaya el də aşiq olur: “Gözə bir aləm eyləyir izhar” Əhli-məclis ki, başların açalar, Şırpa şırp sillə, yumruğu vuralar. Yığılar çoxca dirhəmü dinar, Arizuna demək müvafiq olar. Aç axund, kömləyin yaxasın, aç, Xalqı aldatmağa yalanları saç, De ki: “Ey millət, ağlamaq dəmidir, Ağla, yoxdur vəfası dünyanın, Ağlamaq borcudur müsəlmanın. Çünki bu ay, elin məhərrəmidir Xəlqin olmaz da xərc parələri Rozaxanə, axunda, tüllabə, Pilova, qəndə, çaya, cüllabə, Millət uyduqda bu şirin xabə Əqlinin heç qalarmı bir əsəri? Abad olsun görüm bu İranı, Qoydu ağlar günə müsəlmanı! * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-kelniyet-satiralari İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.