Mənzum məktublar Abbas Səhhət (1874–1918) Dostum Mirzə Abdulla Şaiq cənablarına Şaiqa, neyləsin axır, söylə, biçarə vətən? Tapmayır səhhət üçün dərdinə bir çarə vətən. Yoxdur ümmidi-şəfa hali-pərişanında, Oxşayır çox belə bir xəstəvü bimarə vətən. Vətən oğlanları müstəğrəqi-xabi-qəflət, Tuş olubdur neçə min zalimi-xunxarə-vətən. Doğranıb tiği-cəfa ilə mübarək bədəni. Çəkilib zülm ilə Mənsur kimi darə vətən. Ucalıb göylərə ətfali-vətən fəryadı, Qan ilə yazmış “ənəlhəq” dərüdivarə vətən. Vətən övladı ki, qəflətdə yatıbdır şəbü ruz, Şaki olmaz, nə əcəb, Əhmədi-muxtarə vətən. Hanı Faruqi-müəzzəm, hanı ol əzmi-qəvim – Ki, kəramət ilə qalib ola əşrarə vətən? Hanı ol şiri-xuda kim, özü yetsin dadə, Dinü millət gedir əldən, yanır odlara vətən? Hanı Bağdad kütubxanəsi, Harun dövrü – Ki, təvəffüq edə islam ilə küffarə vətən? İbni-Xəldun, hanı Əllamə, hanı ibnər-Rüşd? Fəxri-Razi hanı razın deyə ol yarə vətən. İbni-Sina hanı, Sədra hanı, Firdovsi hanı – Ki, mübahət edə bu əsrdə onlara vətən?! Bəradər! Biz əgər olsa idik ayeyi-qurana müti. Olmaz idik belə sərgəştəvü avarə vətən. Yenə bu dərdlərin çarəsi Bakidən olur. Çeşmi-ümmid tutubdur ora həmvarə vətən. Dəm o dəmdir ki, vuraq dəmi-ünsiyyət, Bəsdi bu cəhli-şəqavətlə yana nara vətən. Vətənin illətinə beyti şəfadır Baki, Bu məkandan tapacaq çarə dili-zarə vətən. Çeşmeyi-abi-həyat orda olur çün cari, Xızrı rəhbər qılıb ol mərdümi-huşyarə vətən. Xassə bu dərdə gözəl nüsxələr “İrşad” yazır, Gələr ol niqti-Məsiha ilə köftarə vətən. Çoxdur ümmid bu tədbir ilə tapsın Səhhət, Dəf olub illəti qəmdən dəxi qurtarə vətən. * * * Yazmam! Firidunbəy Köçərli cənablarına “Yazmısan tazə nə şeylər? – deyə sordun məndən, Ruhumun tarına mizrabzən oldun, qardaş! Sabir ilə belə məktubu çox aldıq səndən, Hər nə yazdıqsa, ona bani sən oldun, qardaş! Bir zaman Nasehü tərrah ilə Sabir, bəndə, Yaşayırdıq hamımız qəflət ilə fərxəndə. Birimiz mərsiyəguluqda böyük şair idi, Birimiz sağərə mail, birimiz cananə. Birimiz həcvdə Yəğma kimi çox mahir idi, Laübalı keçinirdi günümüz rindanə. O pərişan yuxudan sən bizi bidar etdin, Doğru, düz yolda çalışmaqlığa vadar etdin. Leyk çox keçmədi dövran bizə bidad etdi, Ax, o cəmiyyətimiz tezcə pərişan oldu. Mövti-Tərrah o səfa bəzmini bərbad etdi, “Sabir öldü” – demirəm, şer evi viran oldu. Yazmağa mane olur təfriqə düşdüklərimiz. “Ağlaram yadıma gəldikcə gülüşdüklərimiz”. Yazamam, məndən olubdur daha bizar qələm, Mən təfəkkürdə, o sakitliyə məcbur olmuş. Yazamam, boğmadadır ruhumu böhranü ələm, Xələcanlarla könül çarpmada rəncur olmuş. Boş kağızlarda qələm cızsa da göz yaşlarımı, Qıymaram heç unudam sevgili yoldaşlarımı. Ah, o gözlər ki, nigahilə dilü didələrim – Açılırdı, daha bir də məni şad etməyəcək. O dodaqlar ki, gülümsənməyi ilə kədərim – Qaçılırdı, məni “Səhhət” – deyə yad etməyəcək. Ah, o gözlər yumulub tozlar ilə dolmuşdur, O dodaqlar bürüşüb qonça kimi solmuşdur. İştə bundan acı, bundan əzici qəm ki, bəşər Ağlamaqdan da yenə dərdinə tapmaz çarə, Zədələndikcə, zəhərləndikcə bir də sevər – Ki, sürünsün yenə, çox ömr eləsin biçarə, Uşacıqlar kimi baziçələrə aldanaraq, Mütəsəlli olar, istər daha artıq yaşamaq. * * * Bir məktuba cavab Sorma dəxi sorduğun əhvaldən, İştə, bəidəm bu gün iqbaldən. Verməz, onunla belə, qəlbim riza Xaliqimə qarşı edəm iştika. İstəmirəm görsənəm insanlara, Qoy atılım guşeyi-nisyanlara. Xatirə heç kəs məni qoy almasın, Namü nişanım əbədən qalmasın. Mən bu cahan içrə vəfa görmədim, Seyrü sülukunda səfa görmədim. Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza, Səndən məni ayırmağı da etmiş iqtiza. Tək bir səninlə haq mənə qılmışdı mərhəmət, Vermişdi fikrü halətimizcə müvafiqət. Sənsiz vətəndə bir qəribəm, qan olur könül, Məşhər qopur başımda, xüruşan olur könül. Səbr eyləmək olarmı bu müşkül müsibətə – Kim, bir də röyətin daha qalsın qiyamətə?! Yatsam yuxumdasan, oyaq olsam xəyaldə, Qarşımda, gözdə, qəlbdəsən cümlə haldə. Könlüm yanar, san od basılıb qəlbi-zarıma, Hər dəm saçar alovlu su gözdən kənarıma. Dünyada hiss eylədiyim ibtilaların, Ən cangüdazıdır bu taməmən bəlaların. Amalü arizularımız qaldı natamam, Zalımdan adil Allah özü alsın intiqam! * * * Naseh Naseh, ey nüsxeyi-kübrayi-kamal: Naseh, ey gövhəri-dəryayi-kamal! Lütf ilə bizləri şad etmişdiz. Sabiri, bəndəni yad etmişdiz. Oldu məktubi-şərifiz vasil – Dəsti-şükranımıza, əlhasil. Oxuduq cümlə nəsihətlərizi, O gözəl, dadlı məzəmmətlərizi. Buyurursuz ki, uyub dünyayə, Şeri əldə elədiz sərmayə. Şair olmaqda ikən sizlərə nam, Kəsb üçün məktəbə etdiz iqdam. Şair azadə gərək, azadə, Laübali dolana dünyadə. Yaza vəsfi-ruxi-yarü xətü xal, Oxuyanlar ola ta kim, xoşhal. Sizlər azadə ikən olduz əsir, Şüəra rəsmini etdiz təğyir, Əhli-hal ikən olub maili-qal, Olmusuz həmdəmi-cəmi-ətfal. Doğrudur, sözləriniz, can Naseh, Ey hünərməndi-süxəndan, Naseh! İltifat etsəniz, ey alicənab, Verərəm mən də cəsarətlə cavab: Bu zaman siz buyuran köhnə üsul – Eyibdir, eyib deyildir məqbul. Çünki indi dəyişib vəzi-cahan. Başqadır, başqa təqazayi-zaman, Varsa təlimə bizim rəğbətimiz, Biləsiz kəsb deyil niyyətimiz. Biz pula, dövlətə mail deyiliz, Rəsmi-dirinə də qail deyiliz. Fikrimiz tərbiyeyi-millətdir, Qəsdimiz millətə bir xidmətdir. Siz bələdsiz ki, bizim şəhrimizə. Bu da məlumdur, əlbəttə sizə: Millətin beş sənə bundan əqdəm. Yüz nəfərdən biri tutmazdı qələm. Yaza bilməzdi lədüniyyatın, Dəhrdən duyduğu hissiyyatın, Kim ki, yazsaydı, beş-on sətr sözü, Gərək ardınca gedəydi həm özü. Yazdığın ta oxuyub andırsın, Mətləbin başqasına qandırsın. Leyk bir bax ki, bu gün Şirvanda, Gör necə əhli-qələm var onda? Hər biri şərh edər öz əfkarın, Nəşr edər aləm ara asarın. Müqtədirdirlər o növi ki, tamam Bəyənir yazdığını xasü əvam. Elə kamilləri var bir payə, Yaraşır qibtə edə həmsayə. Bu bizim qeyrətimizdəndir, əvət, Bu bizim himmətimizdəndir, əvət. Bir də hərgah ki, sizə gəlsə bənd Bizim əşardakı səbki-cədid. Həm o babətdə də biz məzuruq, Çünki biz tərbiyəyə məmuruq. Narəva adət olub bundan əzəl, Şüəra cümləsi yazmış da qəzəl. Nə qədər olsa da şirin məzmun, Nə qədər olsa da ecaznümun, Elm, əxlaqi ki, haiz olamaz, Bizcə heç vəchlə caiz olamaz, Bu sözümdən o deyil qəsdü murad – Ki, həqarətlə edəm mazini yad. Haşalillah toxunam əslafə, Gər toxunsam, toxunar insafə. O imiş xahişi ol avanın. Şair ayinəsidir dövranın. Çün budur lazımeyi-istibdad, İşrətə, qəflətə uysun əfrad. Müstəbidlər yaşamaqçın rahət, Şairi əldə ediblər alət. Bəxş edib şairə ənamü səlat, Rahət etmiş bu da imrari-həyat, Gecələr məst, günüz dürdi-xumar. Yatmışı yatmış edərmi bidar?! Mədhü tövsifü qəsaid yazmış, Qəzəliyyatü fəraid yazmış. Nəzm edib ləhvü ləəb, həzliyyat, Dürlü əxlaqı pozan həcviyyat, Xalqı əfsanəyə işğal etmiş, Bir böyük milləti iğfal etmiş. Harda bir dahi olubsa peyda, Müstəbidə edərək istiğna, Xalqın iyqazına dair bir əsər – Yazmış isə, qazanıb nifrətlər. Sonra təkfir eləmiş alimlər. Öldürüb, həbs eləmiş hakimlər, Bu səbəbdən neçə yüz milyon qövm Olmuşuq cəhl ilə müstəğrəqi-novm. Qalmışıq çox geri hər millətdən, Bixəbər elmlə həm sənətdən. Deyərik qonşuya etdikdə nigah: – Bizi, haşa, belə istər Allah! Deyil ismimə müvafiq bu kəlam, Buyurulmuş: “Ucalansın islam!” Nə ki olsun bu səyaq xarü zəlil, Cahilü acizü möhtacü səfil. Hər müsəlman görə bu halı müdam, Ona laqeydlik olmazmı həram? Borcumuz indi nədir, eylə bəyan? Etməyəkmi yenə yoxsa həyəcan? Yazalımmı yenə də rindanə? Duralımmı bu qəmə biganə? Yox, gərək biz gecə-gündüz çalışaq, Dürlü-dürlü zəhəmata alışaq. Qorxmayar rəncü üqubətlərdən, Qurtaraq bəlkə bu zillətlərdən. * * * Bəradərim Firidunbəy Köçərli cənablarına Möhtərəm qardaşım, Firidunbəy! Yenə şəfqətlə halımı sordun, “Yeni şeylər nə yazmısan” – deyərək Könlümü duyğularla doldurdun. Qoy deyim şərhi-halımı, dinlə, Dərdimə sən də ortaq ol, inlə. Nə yazım mən bu qəmli zülmətdə? Nurdan heç əsər, nişan yoxdur. Vətənim adlanan bu qürbətdə, Nə də əfqanımı duyan yoxdur. Getmiş əldən rəfiqi-sadiqlər, Dövrəmi çulğamış münafiqlər. Bu qaranlıq mühitim içrə mənim Qulağım həbs, gözlərim dustaq. Yumuruqla möhürlənib dəhənim, Olmuş ağzımda sözlərim dustaq. Qalmışam matü acizü məbhut, Etmişəm labüd ixtiyari-sükut. Yoxluq uçurumna el yüyürdükcə, Çox bağırdım, axırda batdı səsim. Bu müsibətli halı gördükcə, Ağlamaqdan kəsildi lap nəfəsim. Keçdi mazi, bitir əzab ilə hal, Üzümə gülməyir həm istiqbal. Fərz ediz çox uzun, geniş bir otaq, Orda iskamyalar qoyulmuş ola. Üzərində beş-on dəcəl, kür uşaq, Qara lövh, ağ təbaşir olmuş ola. Bunların mən bu halda həmdəmiyəm, Deməli, zahirən müəllimiyəm. Nə deyim, lakin əlaman, qardaş, Hər gün onlar sorur mənim qanımı. Bağrım odlandı, yandı, can qardaş! Bu tifillər çürütdülər canımı. Hərə bir dərsə etina etmir, Heç kəs öz təklifin əda etmir. Türklük, islamlıq iddiası ilə Öz dilin bilmək istəyən yoxdur. Əcnəbi ruhunun havası ilə, Vətənin, millətin sevən yoxdur. Atalar verməyir heç əhəmiyyət, Sönmüş onlarda hissi-milliyyət. Burda dərs verdiyim beş-on ildir, Deyirəm hər zaman ki: “Qeyrət edin, Türk dili bir gözəl, şirin dildir, Onu öyrənməyə həmiyyət edin”. Etməyir kimsəyə sözüm təsir, Oluram gündə bir sayaq dilgir. Dürlü manelər olmasa sözümə, Odlu bir nəğmə yazmaq istəyirəm. Gələcək əsrlərdə mən özümə Şanlı bir qəbr qazmaq istəyirəm. Lakin övzai-haldan məyus – Olub etməkdəyəm müdam “əfsus...” * * * 9 mart Cəmo Cəbrayılbəyliyə Ey sevgili yavərim Cəmobəy! İstəkli bəradərim Cəmobəy! Ey xatirimin səfası Aciz! Ey gözlərimin ziyası Aciz! Bu tazə gələn ilin mübarək, Etsin sənə xaliqin təbarək! Ovqatın ola səndü firuz! Hər dəmdə misali-eydi-novruz Səd şükr ki, qış tükəndi, bitdi, Novruz gəlib, bahar yetdi. Bitsin o sayaq zəmani-firqət, Didarını ta edim ziyarət. Qardaş, necə ki, bəlayi-hicran, Əhvalımı eyləmiş pərişan, Bülbül də mənim kimi o minval Olmuşdu cahanda müztəribhal. Etmişdi hücum ləşkəri-dey, Qar, şaxta, soyuq, duman peyapey Vermişdi çəmənlərə xəsarət, Bağ-bostanı eyləmişdi qarət. Şiddətli külək, acı boranlar, Tutqun, qara ən qəliz dumanlar Könlüm kimi aləmi xərabə – Qılmışdı, salıb həm iztirabə. Əsdikcə ağu kimi soyuq yel Guya atılırdı min şrapnel. Qar danələri yağırdı bu hal, Gül mülkünü eyləmişdi pamal. Çıxmışdı göy üzrə səbrfərsa, Qisvətli bulut çepellinasa, Bombardman eyləyirdi xakı, Çatmışdı çiçəklərin həlakı. Yanmışdı bucaqda həp ocaqlar, Bilmərrə qaralmış idi dağlar. Həp körpə ağaclar ağlaşırdı, Yekdigərilə qucaqlaşırdı. Bu vaqeədən olub xəbərdar, Sultani-bahari-mədələtkar, Amadeyicəng olub haman an, Ruhülqüdüsi-nəsimə fərman – Verdi ki, ölənləri diriltsin, Cəngaha tərəf qoşun yeritsin. Ta əsdi nəsimi-isəvidəm Canlandı, həyat tapdı aləm. Həp çünbüşə gəldi səthi-qübra, Məhşər günü oldu aşikarə. Çaldıqda nəsimi-sübh şeypur, Guya üfürüldü həşr üçün sur. Filfor çəmən, çiçək dirildi. Hər səbzəyə bir qılınc verildi. Elani-cihad edib o saət San qopdu o ləhzədə qiyamət. Şaxlardan ağac götürdü nizə, Üz qoydu ədu ilə sitizə... Yatmış ölülər durub qəbirdən Düşmən sarı həmlə etdi birdən. Mortir kimi gurladı bulutlar, Qalxıb yürüş eylədi göy otlar. Yağmurla sərəskəri-bəharan Qış ləşgərin etdi gülləbəran. Bir həmlədə düşmən oldu pamal, Qar tərbiyəsi edildi işğal. Novruz böyük rəşadət etdi, Qış ordusunu vurub dağıtdı. Xəsm üzrə şükufədən od açdı, Bilməm dəxi qış nə səmtə qaçdı? Yaz ordusu ta ki, qalib oldu, Şükranə üçün büsat quruldu. Bülbüllər o dəm edib təranə, Nəşr etdi bu qissəni cəhanə. Şad oldu çəmən, çiçək, təbiət, Guya ki, yer üzrə endi cənnət. Yaz şahı verib o dəm sərəncam, Novruzu cəmaət etdi bayram. Ey davəru mehribanım Aciz! Ey həmdəmü həmzəbanım Aciz! Haqdan diləyim budur ki, hər an Gül tək olasan həmişə xəndan! Yaz gəldi, necə qış oldu bərbad, Sən də olasan cahanda dilşad! Var bircə təvəqqöüm də səndən: Əhbabə salam eylə məndən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-menzum-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.