Məqalələr Abbas Səhhət (1874–1918) Təzə şeir necə olmalıdır? Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm. Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun. Bizim burada danışdığımız bu mətləbdir ki, təzə şeir necə olmalı? Yazı yazdığımız vaxt hər şeydən müqəddəm hissiyyata tabe olmaq gərək, tainki kəlamın oxuyanların qəlbində təsiri ola və başqasının hissiyyati-qəlbisini oyandıra. Bəs bu surətdə hissiyyatı bilmək lazımdır. Hissiyyat iki növdür: cəli və təbii. Hissiyyati-cəliyyənin kimsəyə təsiri ola bilməz. Hissiyyati-təbiiyyədir ki, başqasına təsir edər, yazılmış şerin məzmunları bir lövheyi-nəqqaş kimi tamam nükat və dəqaiqimətləbi bəyana gətirər. Məsələn: Lətif bir yaz axşamı, günəş qüruba mühəyya olur; qürubun qaranlığı dağlara, dənizlərə yavaş-yavaş yayılır, hər tərəf sakit və asudətövr, axşamın bəxş elədiyi hissiyyat hər zərrədə əyan olur, bir az sonra günəş qürub edər, sahillərin üzərində təməvvüc edən buxar zail olur; fəqət günün qürubuna mütəaqib ay çıxır, biz də bu mənzərəni tamaşa edib hissiyyatımızı, əfkarüxəyalatımızı yazıb təşrih etdikdə, əlbəttə ki, oxuyanlar qəlbinə artıcaq təsir bağışlayıb başqasının hissiyyati-qəlbisini oyandırar. Məsələn: bu növ nəzm etməliyik: Yaz mövsimi endikcə səmadan yerə axşam, Gün nuru verir dağlara min rəngi-dilaram. Ahəstəliyiynən üfüqə eyləyir ahəng. Şəffaf səmadə görünür şövqi-fəzarəng. Quşlar, o fərəhbəxş civiltiylə həvadə Öz lanələri səmtinə eylərlər iradə. Gül bərgi parıldar günəşin nuruna qarşu, Səssiz dərədə bərq vurar cari olan su. Bir badi-mülayim olar ol dəmdə pədidar, Ətrafa uzaq güllərin ətrin edər isar. Keçməz o qədər şəms olur qaib üfüqdən, Ancaq qalır ol dəm bir işıq rəngi-şəfəqdən. Zülmət qanadın şam çəkər ruyi-cəhanə, Məxmur düşər cümleyi-zərrati-zəmanə. Bu an, bu saət ki, hülul eylədi axşam, Bir sümti-qəriq içrə təbiət tutar aram. Gəlməz qulağa şeylərin ol vəqt sədası, İlla ki, axan çayların ahəngü nəvası. Əsdikcə neyistanə bütün rəşə salır bad, Min nəğmeyi-cansuz edər ol rəşələr icad. Mən bir belə mövsimdə bahar axşamı dilgir, Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir. Başımda o ziba sənəmin şövqi-vüsalı, Etmişdi pərişan saçı tək fikrü xəyalı. Sərgərm o təxəyyüldə nigar ilə həmağuş, Etmişdim o dəm aləmi bilmərrə fəramuş. Nagah gözəl bir quş uçub gəldi sədayə. Səsləndi ki, səbr eylə, a Səhhət, bu bəlayə. * * * Qara xəbər Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi! Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm: Sabir! Alimlər, ədiblər, şairlər öləndə sən onlar üçün mərsiyə yazardın, nitqlər söylərdin. İndi sənin üçün mərsiyə oxuyan yoxmu, əcəba? Xeyr, nə qədər ölməmişəm, səni yaddan çıxartmaram. Sən yaddan çıxmazsan, sən ölməmisən, sən aləmi-mənada dirisən. Bir milləti diriltməyə çalışan özü ölərmi? Yox, ölməz! Sabir, az vaxtda millətimizə çox xidmət etdin. Sənin xidəmatına dair nitqlər oxunmadı, əyyami-həyatına dair məqalələr dinlənmədi, qırx səkkiz sənəlik bir ömrdə sabun tiyanının kənarında odlar-alovlar içində taqətfərsa zəhmətlərlə millətin üçün çalışdın, dövreyi-həyatın qayət mərarətli keçdi, yaşadığın mühitdən cismən, ruhən, bədənən cəfadən qeyri bir şey görmədin. İştə bu soyuq nəzmlərimlə sənə mərsiyəxan olacağam. * * * Sabir Güldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri, Xəndə zən etmə məndə giryələri. Güldürən həp bükayi-qəlbidir, Əsəri-etikayi-qəlbidir. Hamid bəy Sabiqən Sabir əfəndinin mahiyyəti-müməyyizeyi-şeriyyəsi haqqında “Məlumat” qarelərinə bir qədər izahat vermək əhdimə indi vəfa edirəm. Mətləbə başlamazdan əvvəl bunu ərz edim ki, Sabir əfəndinin adını bilənlər çox isə də, bəhəqqə tanıyanlar azdır zənnindəyəm. Yalnız avamünnas onu tanımadılar deyil, ziyalı ürəfamız zümrəsindən sayılan zəvatın əksəri də onu tanımadılar, yaxud tanımaqdan iğmaz etdilər. Nə çarə ki, Sabir əfəndi əgər bir qədər yaşasaydı, nəinki müsəlmanlara, bəlkə qeyrilərə də özünü tanıtdıra bilərdi. Təəssüflər olsun ki, Sabirin həyatı ilə fərəhnak ürəklər dağlandı və qəmnak qəlblər şadlandı. Türk qövmünün istedadını inkar olunmaz bir tərzdə isbat edən, zəmanənin fənalıqlarını şikayət yaxud müstəhziyanə bir surətdə nəzm edən Sabiri, fransızların məşhur şairi Hüqonun da “Giryeyi-xəndənak” adlı əsəri varsa da, bununla müqayisə edəsi deyiləm. Yainki ümdə əsərləri rus ədiblərinin məşahirindən və göz yaşlarının arasından gülən Qoqoldan ziyadə Saltıkova bənzəyən və mumiileyhə Şedrin ləqəbi ilə imza yazdığı kimi cürbəcür müstəar adlarla imza yazan Sabiri bunlarla da müqayisə etmək istəmirəm. Zira ki, bunların əsərlərinə oxucularımızın əksəri aşina olmadığından əlavə, Sabir əfəndi onlar qədər müəmmər olmadı və onlar yaşadığı qövm kimi bir qövm içində də yaşamadı. Heç şübhə yoxdur ki, Sabir əfəndi bizləri ani-vahiddə həm ağladıb, həm güldürən bir şairi-kinayə-afərindir; kor-kar ruhlarda milliyyət hissi və gözəl duyğular oyandıran bir Qafqaz şairidir. ...Vətənimiz ədəbiyyat aləmində dahiyanə bir şair yetişdirmişdi. Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı. Nöqsanlarımızı, eyiblərimizi məzhəkə və məzah təriqilə qayətdə şirin və hər kəsin anladığı bir dil ilə, qəhqəhələrlə oxudub islaha çalışırdı. Nə çarə ki, ancaq beş il qədər ədəbiyyatımıza xidmət edə bildi. Ondan müqəddəm yazdığı şeylər bütün köhnə şivədə idi. Amma bununla belə bu beş ilin müddətində ədəbiyyatımıza böyük bir inqilab yetirdi ki, bu təsiriəzimi təhlil edəcək qədər müsaidəm olmadığı üçün bir neçə sözlə fikrimi təlxis edəcəyəm. “Molla Nəsrəddin” məcmuəsi intişara başladığı zamanacan bizdə mənayi-həqiqisilə ədəbiyyat adlanan layiq əsər yox kimi idi – desəm xəta etmiş deyiləm zənn edirəm. “Molla Nəsrəddin” meydana çıxınca artıq hər sahibi-zövq Sabir əfəndinin ondakı nümuneyi-əşarına məftun olmaqdan özünü alamadı. O gözəl şeirləri oxuyub anlayanlar, o gözəlliklərin zövqünə, fərqinə varanlar onları hifz etməyə həvəs etdilər. Şairlərimiz və yaxud mütəşairlərimiz o şiveyi-müstəhsəndə yazmağa, təqlidə başladılar. Daha bilmərrə köhnə üslub tərk olundu. Halbuki Sabir əfəndi haman ilk şeirlərini nəşr etdiyi zaman keçmiş şairlərimizdən qəzəliyyat və qəsidədən başqa bir şey görməmişdi. Əsərlərində işlətdiyi ibarələr və yeni məzmunlar kimsəni təqlid deyil, məhz öz fikirlərinin nəticəsidir. Bununla demək istəyirəm ki, Sabir əfəndi müqəllid deyil, bəlkə elə mücəddiddir ki, köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb də o uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı. Bir kərə düşünülsün, ədəbiyyatımızda nə qədər böyük bir təsir, nə qədər əzim bir inqilab vücuda gətirmiş! Gələlim siyasət aləminə. Məlumdur ki, fransız şairlərindən Şatobrian fransız qövmünün səltənət xanədanından olan burbonlarla Napoleon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, Burbon xanədanından olan fransız kralı XVIII Lüinin özünün etirafınca, bu kitab ona bir ordudan ziyadə xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabir əfəndinin də asarı bu beş ilin müddətində İran məşrutəsinə haman növ bir ordudan ziyadə xidmət etmişdir. Mülahizə buyurulsun, İranın viranlığının böyük səbəblərindən biri olan Ətabək məşrutəçilər tərəfindən qovulub, dübarə Məhəmmədəli şahi-məxlu tərəfindən İrana cəlb olunduqda iranlılara belə xitabədə bulundu: Əncümən əhlinin, qoçaq, sən demədinmi bir təki – Verməyəcək riza gələ ölkəmizə Ətabəki? Hə, de görüm, necoldu bəs, sən deyən əncüməndəki – Köhnə qapı, haman daban, mən deyən oldu, olmadı? Ətabəkin qətlindən sonra qəzetlərin birində Məhəmməd Məhəmmədzadə imzalı bir nəfər iranlının “Sən deyən oldu, biz deyən?” nəqəratlı şerinə Sabir belə cavab verdi: Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram, Var hələ min Ətabəkiz, yoxsa əməlli qanmıram? Köhnə qapı bu tezliyə tazələşə inanmıram, Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! Girəm Ətabək öldü də, tupü tüfənginiz hanı? Bəhri-əmiqi-hərbdə gəştiyi-cənginiz hanı? Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! Söylə görüm vəzarəti-maliyəniz düzəldimi? Ya uzun əl, uzun ətək qıssalaşıb güdəldimi? Ölkənizə şəməndöfer yol tapa bildi, gəldimi? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! Arxa su dolmayıb hələ, Köhnə avazınız durub, Rəngi də solmayıb hələ. Məhəmmədəlinin batinin zahirə çıxardıb hüvviyyəti-zatiyyəsini belə təşrih etdi: Mən şahi-qəvişövkətəm, İran özümündür, İran özümün, Rey, Təbəristan özümündür. Abad ola ya qalsa da viran, özümündür. Qanuni-əsasi nədi, fərman özümündür. Şövkət özümün, fəxr özümün, şan özümündür. Osmanlıda gərçi ucalır bir para səslər, Alqışlayır ol səsləri həp qırmızıfəslər, Qəm çəkməyin, ey köhnələr, ey köhnəpərəstlər, İranıma təsir edəməz böylə nəfəslər, Bundan sora bu ölkədə fərman özümündür. Məxluq özümün, xəncəri-bürran özümündür. Nümunə üçün yenə yazalım: Məhəmmədəlinin padşahlıq kitabxanasını satmaq üçün qəzetlərdə verdiyi elanı xalqa bu şəkildə tərcümə etdi: Moldayı, salmadı el dil boğaza, Eybi yox gərçi qoyulduq loğaza, Yaz bu elanımı da bir kağaza, Açmışam Reydə geniş bir mağaza, Çox ucuz qiymətə hər şey satıram, Ey alan, məmləkəti-Rey satıram. Mağazamda tapılır hər cürə zad, Cami-Cəm, rəyəti-Key, təxti-Qubad, Gərçi bazarımı etməkdə kasad Çalışır bir para iraninəjad. Leyk mən baxmayıram, hey satıram, Ey alan, məmləkəti-Rey satıram. Ümumən iranlıların əxlaq və adətlərini, xüsusən vətənpərəstlikdə laqeyd olduqlarını, altmış yaşında xarici məmləkətlərə kəsbə getdikdə bir xarici qızına bənd olub əhli-əyalını fəramuş edən bir ərdəbilli kişinin dilindən belə deyib həqqi-vaqei göstərmişdir: Gərçi İrandan çıxarkən başqa idi niyyətim, Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim, Qeyrətim olmazdı razı ac dolansın külfətim. Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil! Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil! Sabirin əsl tərbiyə tapdığı yer İran olduğu üçün İranı ziyadə sevərdi və İrana dair yazdığı əsərləri çoxdur. Həmçinin, Türkiyədə on təmuz inqilabından sonra kəramət göstərib 31 mart faciəsini 8 ay müqəddəm bu sayaq xəbər vermişdi: Osmanlılar, aldanmayın, Allahı sevərsiz! İranlı kimi yatmayın, Allahı sevərsiz! Yaliləcəb, osmanlılar, aya nə sanırsız? Qanuni-əsasi verilib ya, inanırsız? Mirhaşimü Fəzlillahınız yoxmu tanırsız? Əskik deyil onlar, vəli sizlər nə qanırsız? Bir vəqt tanırsızsa da, qanə boyanırsız! Qansızları kəc qanmayın, Allahı sevərsiz! İranlı kimi yatmayın, Allahı sevərsiz! Sabir əfəndinin “Həyat”da, “Füyuzat”da, “Rəhbər”də, “Dəbistan”da, “Molla Nəsrəddin”də, “Ülfət”də, “İrşad”da, “Həqiqət”də, “Günəş”də, “Yeni həqiqət”də olan bir takım pərakəndə mənzumələrini tədqiq etdikdə, demək olar ki, bu ancaq misli heç görünməmiş şeirlərdir. Mənim bu möhtərəm dost, bu sevgili şairimiz haqqında mütaliatın doğru isə, yəni kəsrəti-məhəbbətini mübaliğata sövq etməyirsə, deyə bilərəm ki, Sabir əfəndi Şatobriandan ziyadə İran şairlərindən, Firdovsiyə və Türkiyə şairlərindən məşhur həcvgu Əşrəfə bənzər; hər birindən guya bir hissə alıb təbində cəm etmişdir. “Rəhbər” jurnalının 2-ci nömrəsindən başlayaraq tərcümə və dərc olunmuş “Səyavuş” hekayəsini gözdən keçirək: Rüstəm Səyavuşu İrana gətirdikdə Kavus Keyin əmri ilə şadmanlıq və çırağbanlıq icrasından sonra əsakiri-İrana və Səyavuşa ənam verilməsini bu sayaq tərcümə edir: Tamam oldu bir həftə, əmr etdi şah, Səfaralıq etsin dübarə sipah, Açıldı dəri-gəncü babi-kərəm. Gühər saçdı eyzən səhabi-kərəm: Zərü simü mehrü külahü kəmər. Əmudü sənanü xədəngü sipər. Tila kisə-kisə, gühər övc-övc, Xədəm dəstə-dəstə, həşəm fövc-fövc. Dürü ləlü yaqutü zər keyl-keyl, Süturani-tazinəsəb xeyl-xeyl. Libasü qumaşi-zəri dəst-dəst, Xəzü tirmeyi-pürbəha bəst-bəst. Edib bəxş, verdi rəvac oğluna, Məgər vermədi təxtü-tac oğluna; Deyildi səzavari-əfsər hənuz, Cavan idi ol mahmənzər hənuz. Mülahizə buyurulsun, bu şayani-heyrət tərcümədə əslindəki fəsahət və bələğət qaib olubdumu? Firdovsiyə məxsus olan o təlaqəti-lisan, o şirin bəyan itibdirmi? Zənnimcə ədəbiyyatdan baxəbar hər şəxs bu sualımın cavabında: – bəli, Firdövsi də türkcə desə idi, o da bu sayaq nəzm edərdi – cümləsindən başqa bir söz deməz idi zənnindəyəm. Vəli, bu qədər xəyala gələ bilər ki, burada əsl hünər Firdövsinindir, Sabirin müstəqillən öz əsəri bu gözəllikdə ola bilməz. Bu surətdə mən iddiamı isbat etmək üçün həmin şeirlərin əqəbətində Sabir əfəndinin artırmış olduğu və “İzdiyad” ibarəsilə ayrılmış şeirləri yazacağam: Vəli etdi şəfqətlə bir dəm nigah, Belə söylədi oğluna padşah: “Vəliəhd, ey yadigarım, oğul! Gülüm, gülşənim, novbaharım, oğul!” Demə sərbüləndəm ki, şahzadəyəm, Əsarət nədir, mən ki, azadəyəm; Mühəyyadürür təxtü-tacim mənim, Nədir kimsədən ehtiyacım mənim?! Sənə, qalibən, elm olur ehtiyac, Tapar elm ilə mülkü-millət rəvac, Zərin tacına eyləmə iftixar, Hünər birlə ol, tacə minnətgüzar. Ədəb iktisabında çox şaiq ol! Vücudunla təxti-zərə layiq ol! Rəiyyətinəvaz ol, ədalətşüar, Rəiyyətlə dövlət olur bərqərar. Diqqət buyurulsun, bu mənzumə oxunduqda haman sayaq mən qeyri-ixtiyari alqışlaram. Haman üslubi-müzəyyən, o tərzi-ifadə, o ülviyyət, hiss və xəyal ki, Firdövsinin əşarında var, bunlarda da mövcud deyilmi? Yalnız burası var ki, bir gül ilə bahar olmaz. Firdövsinin altmış min beytlik “Şahnamə” böyüklüyündə əsəri ilə bir neçə beyti müqabilə etmək məntiqsizlik deyilə bilər. Bu halda yenə mən iddiamı çox məşru bir qürurla bir növ isbata çalışıb irəli sürə bilərəm. Həkim Əbülqasim Mənsur Firdövsi “Şahnamə”sini Sultan Mahmud Qəznəvi kimi bir padşahın ricası ilə yazmışdır. Amma Sabir əfəndi bu tərcüməni “Rəhbər” naşirinin təşviqi ilə yazmışdır. Firdövsi, əşarını nəzm etdikdə Sultan tərəfindən fariğül-bal məaşı təmin olduqda yazmış ikən, Sabir əfəndi həmin əşarı sabun tiyanının kənarında, odlar, qorlar içində tər tökdüyü halda, yainki əyalının tənə və tərizi qorxusundan gecə yarısı şirin yuxunu özünə haram etdiyi halda yazmışdır. Necə ki, özünün bu halını “Molla Nəsrəddin” məcmuəsinin 4-cü ilinin 17-ci nömrəsində əyalının bir qoca arvada şikayət surətində danışdığını yazır: Gah da bir yatsa da vaxtında əgər, Çəkməyir yuxladığı bir o qədər. Qəflətən bir də görürsən ki, durur, Yandırır lampanı, çılpaq oturur. Başlayır yatdığı yerdə təzədən Oxuyub-yazmağa bir də təzədən. Belə od olmaz, anam, boylə alov! Od deyil, yanğı deyil, lovdur, lov! Bunlardan əlavə, Firdövsi kitabının hər beytini bir qızıl bəha almaq ümidi ilə demiş ikən, Sabir əfəndi quru afərindən səva bir şey almayacağını bildiyi halda yazmışdır. Heyif ki, o afərinlər də fəqət bir neçə nəfərə münhəsir qalmışdır. “Bebin təfavütirəh əz kocəst, ta bəkoca”. Firdövsi də əgər bu vaxtda, bu zamanda, belə bir mühitdə yaşasaydı, o da, yəqin ki, Sabir əfəndi kimi qüssəmərg olardı. Necə ki, tarixcə məlumdur, zəhmətinin mükafatını görmədikdə daha artıq yaşamadı. Bir də Sabir əfəndi ilə Firdövsinin başqa təfavütü var ki, o da həcvguluqdur. Artıq Sabir Firdövsidən buradan ayrılır. Sabir əfəndi millətdən ötrü çalışırdı. O aşiq idi. Ondan gördüyü tən və ləndən, təkfir və təhqirlərdən, yağış kimi üstünə yağan töhmət və nifrətlərdən əsla geri getməyib öz məsləkində kəmali-səbati-əzmlə davam etdi və sevgili millətinə xidmətdən bir an qafil olmadı. Şirin dillərlə ümumə qarşı belə xiabda bulundu: Şairəm, çünki vəzifəm budur əşar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım, Günü parlaq, günüzü ağ, gecəni tar yazım, Kəci kəc, əyrini əyri, düzü həmvar yazım. Niyə bəs boylə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? Şerə məşğul edərək xatiri-qəmmailimi, Qoyuram qənşərimə kağızımı, çernilimi, Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi, Qorxuram ya nə üçün? – Çünki kəsirsən dilimi, Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram! Hələ gördüklərimin dörddə birin yazmayıram! Mülayimanə ədaları ilə Şamaxı cühhal firqəsinə o təkfirlər müqabilində söylədiyi bu oldu: Əşhədü billah əliyyül-əzim, Sahibi-imanəm, a şirvanlılar! Yox yeni bir dinə yəqinim mənim, Köhnə müsəlmanəm, a şirvanlılar! Şiəyəm, amma nə bu əşkaldən, Sünniyəm, amma nə bu əmsaldən, Sufiyəm, amma nə bu əbdaldən, Haqsevən insanəm, a şirvanlılar! Ümməti-mərhuməvü məğfur ilə – Əmrdəyəm taəti-məzkur ilə, Küfrümə hökm eyləməyin zur ilə, Qaili-quranəm, a şirvanlılar! Şikəmpərəst mollanümaların lisani-hal və mafilbalini eynilə aləmə belə iraə etdi: Səs ucalaşdı, qoymayın, Millət oyaşdı, qoymayın, Rişteyi-dərsə, məktəbə Cümlə dolaşdı, qoymayın! İş yavalaşdı, qoymayın! Kafir olub, vurun! vurun! Rişteyi-ülfətin qırın, Yazdığı şerini cırın, Dinə sataşdı, qoymayın! Küfrə bulaşdı, qoymayın! Layənşüur cühəla dəstəsinin mahiyyəti-zatilərini əmalınca bu növ təfsir etdi: Bir bölük boşboğazıq, heyvərəlik adətimiz, Doludur lənət ilə, qeybət ilə söhbətimiz, Oxumaqdan payımız yox, yazıdan qismətimiz. Harda bir nur görərsək, onu təhqir edəriz! Mümkün olduqca müsəlmanları təkfir edəriz! Müxtəsər, həcv deməklə hər kəsin fikrinə gələn əlfazi-mərdudəni heç vaxt şerdə işlətmədi. Hamid bəyin “İnsana vicdanı qədər peyğəmbərlər, padşahlar belə mükafat edəməz” dediyi kimi, Sabir də o xidmətin mükafatını ölüncəyə qədər öz vicdanından aldı. Amma Əşrəfanə şeirləri həmin həcvi-məlihlərdir ki, asarının əksəri ondan ibarətdir. “Füyuzat” jurnalında Dəli şairin: Səmadan bir mələk heyrətlə der: insanlar, insanlar, Nədir bu ruyi-ərzi qaplamış al qanlar, insanlar? – – mətləi ilə başlanan qəzələ Sabir əfəndi dediyi müstəhziyanə nəzirəsinə baxaq: Səradən bir dəli şeytan deyir: insanlar, insanlar! Nədir dünyanı tutmuş elmlər, irfanlar, insanlar?! Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir? Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar?! Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas, Düşər şanü şərəfdən mollalar, işanlar, insanlar! Sevərmi əhli-istibdad, millət huşyar olsun? Buna razı olurmu bir neçə vicdanlar, insanlar?! Yainki Namiq Kamal bəyin “Amalımız, əfkarımız iqbali-vətəndir” mətləi-məşhur şerinə nəzireyi-təməsxüranə: Amalımız, əfkarımız ifnayi-vətəndir, Kinü qərəzü hirs bizə ruhi-bədəndir. Əfal yox, ancaq işimiz lafi-dəhəndir, Dünyadə əsarətlə bütün kam alırız biz, Qafqazlılarız, yol kəsiriz, nam alırız biz! Əqrəb kimi neştər gücü var dırnağımızda, İslam susuz olsa, su yox bardağımızda, Hər küncdə min tülkü yatıb çardağımızda, Min hiylə qurub rütbəvü ikram alırız biz, Qafqazlılarız, yol kəsiriz, nam alırız biz! Mülahizə buyurulsun, həyatımızdan birər səhifə təşkil edən bu şeirlər Əşrəfin şeirlərinə nə qədər bənzər, bəlkə onlardan daha gözəlraqdır. Yenə Namiq Kamal bəyin yuxarıda zikr olunan səbkində dediyi şeri qədim zamandan bəri islam və türk əqvamının arasında vüqü bulan əfraqü nifaqı səlcuqi Məlik şah Cəlaləddin zamanından başlayaraq hal-hazıra qədər bir dövreyi-tarix şəklində fəxriyyəsindən bir parça: Ol gün ki, Məlik şah Büzürg eylədi rehlət, Etdin iki namərd vəzirə təbəiyyət. Qırdıq o qədər bir-birimizdən ki, nəhayət, – Düşmən tapıb əl təxtimizi eylədi qarət. Öz haqqımızı gözləməyə bitərəfiz biz! Turaniləriz, adiyi-şüğli-sələfiz biz! Sabir əfəndinin bunlardan başqa mətbu və qeyri-mətbu asarimənzumə və mənsurəsi çox isə də, mən məqaləmə burada nəhayət verib daha artıcaq, mükəmməl nəhv ilə təfsilat verməyi və sevgili şairimiz, əziz qardaşımız olan Sabir əfəndini əhalimizə tanıtdırmağı böyük bəradərim Firidun bəy Köçərli cənablarının öhdeyi-ədibanələrinə vagüzar edirəm. * * * Sabirin tərcümeyi-halı Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir. 8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş: Tutdum orucu irəmazanda, Qaldı iki gözlərim qazanda Mollam da döyür yazı yazanda. On iki sinnə yetişdikdə mərhum Hacı Seyid Əzimin məktəbinə daxil olmuşdur. Seyid onda hissi-şairanə gördüyü üçün dərs verdiyi mənzum farsi hekayələrin türkcə mənzum tərcüməsini Sabirdən istərmiş, o cümlədən, “Gülüstan”da – “Didəm güli-tazə çənd dəstə, Bər günbədi əzgiyab bəstə” ilaaxir hekayəsini türkcəyə belə nəzmən tərcümə etmişdir: Gördüm neçə dəstə tazə güllər, Bağlanmış idi giyah ilən tər. Dedim nə olur giyahi-naçiz – Ta əyləşə gül səfində əziz. Ot ağlayaraq dedi: otur sən, Söhbət eləyim, qəmim götür sən. Alilər edərmi tərki-söhbət, Halonki olarda var səxavət. Bir-iki il məktəbə davam etdikdən sonra cüzi farsca, türkcə oxuyubyazmağı öyrəndiyinə atası iktifa edir, ona bir daha məktəbə getməyə riza verməyib özü ilə bərabər dükana aparır. Sabir isə istedadi-fitrisi mucibincə dükanda olduğu halda yenə kitabət və qiraətə məşğul olur. Alış-verişdən ziyadə oxuyub-yazmağa həvəsnak olduğundan atası diltəng olub, onu məzəmmət edirmiş. Hətta bir dəfə şeir kitabını da cırmış. Bu isə Sabirin təbinə naküvara gəlib Şamaxıdan qaçmağa müsəmməm olub belə bir qəsidə yazmış: Mən Xəlilüllahi-əsrəm, pədərəm çün Azər, Səfər əzbabili-Şirvan künəm, inşaallah, Gərçi u dəftəri-əşari-məra parə nəmud, Vəslə batəbi-dürəfşan künəm, inşaallah. Bu vəqədən sonra Xorasana gedən bir karvana qoşulub gedirsə də, atası xəbərdar olub qaytarır. Məhərrəm və səfər aylarında növhə deyib oxutmaqla atasının və sair camaatın əzizi olur. Nəməki danışmağı, şux, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və əyanın yanında məruf və məşhur olur və ümumun məhəbbətini cəlb edir. Xüsusən ustadı mərhum Hacı Seyid Əzimin mənzuri-nəzəri olur. Bir vaxt Seyyid ilə bərabər səfərdən gəlmiş bir nəfər şəxsin görüşünə gedirlər. Müsafir çamadanından on dənə lumu çıxarıb iki dənəsini Seyidə, bir dənəsini Sabirə verir, buna münasib Sabirdən bədahətən bir şeir istəyir. Sabir bir az fikirdən sonra deyir: Xumsi-şərabi Seyyidə saqi verib dedi: Sabir fəqirdir, yetər ancaq zəkat ona. Mərhum Seyid də: Seyyiddir ustad mənə nəzmü nəsrdə, Möhtaci-istifadədədir kainat ona – beytini deyib haman şerə iltihaqını Sabirə təklif edir. Zatən o qəsidə deyib bəzi əyanı tərif etməyə heç mail olmamışdır. Qəsidə yazmaqda ədəmi-iqtidarını göstərən əşxasa dediyi bu idi: “Puldan ötəri yalan mədihələr yazmaqda iqtidarım yox isə də, doğru həcv yazmaqda çox hünərliyəm” – deyə bu qitə ilə iftixar edərdi: Şeir bir gövhəri-yekdaneyi-ziqiymətdir, Salmaram vəsfi-düruğ ilə onu qiymətdən. Deyərəm həcv, sözüm doğru, kəlamım şirin, Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən. Seyidin bu qəzəlinə ki, mətləi-ati ilə başlanır: Ey məh, bilirəm fitneyi-dövran olacaqsan, Ey qaşı hilalım, məhi-taban olacaqsan – cavab olaraq bir neçə şeir deyib göndərir ki, o şeirlər bunlardır: Sən piri-cahandidəsən, ey Seyyidi-sərkar! Məndən çək əlin, eyləgilən pir ilə rəftar! Olmaz sənə qismət dəxi bu dövləti-didar, Bundan sonra hicrimdə ciyərqan olacaqsan. Aşiq mənə bir mən kimi ziba gərək olsun, Mail gülə bir bülbüli-şeyda gərək olsun, Səndə bu işə səbrü şəkiba gərək olsun, Amma, bilirəm, səbr evi, viran olacaqsan. Seyid “Xəmse”yi-Nizamiyəni mütaliə etdiyi halda Sabirin məktubu yetişir. Oxuyub belə cavab yazır: “Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə göndərirəm. Yadigari-ustadanəm olmaq şərtilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm”. Sabir kitab ilə məktubu iftixarla alır və qəbul edir. 23 yaşında Xorasan ziyarətinə gedir və tarix olaraq bu şeri yazır: Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi, Bülbülə bənzərdi kim, meyli-gülüstan eylədi. Min üç yüz birdə hicrətdən sonra, meymun ili, Axiri-şəvvaldə əzmi-Xorasan eylədi. Neçə vaxt Xorasan, Səbzvar, Nişapur, Türbəti-Heydəriyyə, Türbəti- Cam, Xaf, Səmərqənd, Buxara tərəflərini səyahət edir. Əsnayisəyahətdə dəstfüruşluqla güzəran edirmiş. Bu arada Xorasan ətrafına vəba naxoşluğu düşdüyünə görə orada dayanmayıb Şamaxıya qayıdır. Bir neçə vaxt Şamaxıda qaldıqdan sonra Kərbəla ziyarətinə azim olur. Ətabati-aliyatda bir çox növhə və dübeytlər yazmışdır. O cümlədən, Həmədanda dediyi bir rübaisi budur: Həmədanda qonağımdan xəbər aldım, key Şeyx, Hansı məxluq sizin şəhrdə bişək çoxdur? Dedi: “Az isə də bu şəhrdə sair məxluq, Leyk dəbbat ilə, səbbaq ilə eşşək çoxdur”. Kərbəladan qayıdandan sonra yenə Xorasana gedir və bu dəfə Eşqabadda və Mərvdə sakin olmağı istərkən pədəri Şamaxıda vəfat edir. Bəradərindən aldığı bir kağızda anasının dilindən yazılan təsirli sözlərə tabavər olmayıb Şamaxıya övdət edir və təəhhül ixtiyar etməyə məcbur olur. On beş sənə zərfində səkkiz qız övladı olur. Böyük bir ailənin təhsili üçün quyruq yağı əritmək və sabun bişirib satmaqla güzəran edər. Bu zəhmətli sənətlə çörək qazanmaqda ikən yenə çətinliklə əlinə düşən beş dəqiqə vaxtını mütaliəyə və şeir yazmağa vəqf və sərf edir. 1901-ci ildə iki nəfər özünə həmməslək şair və mühasib tapır: Abbas Səhhət və Məhəmməd Tərrahla tanış olur. Bikar vaxtlarda bir yerə cəm olub bədihəguluq və farsi, türki qəsidə və qəzəl oxumaqla imrari-vəqt edərlərmiş. Tainki 1903-cü ildə Ağaəli bəy Naseh təxəllüs vasitəsilə Firidun bəy Köçərlinski cənabları ilə maarifə bidar edir. Şeir və şairə qiymət qoyan bir nəfəri görməklə bu tarixdən ciddən çalışmağa başlarsa da, məslək və məzaqına müvafiq məzmun tapmadığından gah qəzəl, gah mərsiyə, gah bəzi qitələr yazarmış. Çox keçmədən “Molla Nəsrəddin” jurnalı intişara başlayır. Bu sevgili məzhək qəzetin nəşrə başlaması ilə hünər və istedadını göstərməyə bir müsaid yer açılır. Həmin məcmuənin əvvəlinci ilinin 4-cü nömrəsindən başlayaraq: Millət necə tarac olur-olsun nə işim var – – mətləli şeri ilə ən əvvəl həcvi-məlih yazıb “Hop-Hop” imza qoyur. Yerli qəzetlər təqlid edir və hər yerdən təhsin və təriflər alır. Bundan sonra Sabirin həvəsi ilə şöhrəti getdikcə artır. Gözəl-gözəl nəzmlər inşad edib qəzetlərə göndərir və tutduğu məsləkində həmsöhbəti olduğu xuşgə möminlərin və riyakar mollanümaların əfal və əmalını çox şirin məzmunlarla, zərif kinayələrlə zəmm və təqbihə başlayır. O qədər keçmir ki, qara camaatın lənət və töhmətlərinə nişanə olur. Bununla belə kəmali-mətanətlə öz əzmində səbat edib sevgili millətindən gördüyü əza və cəfadan, yağış kimi üstünə yağan təkfir və təhqirlərdən əsla geri getməyib öz məsləkində davam edir və mülayimanə dillər ilə cühhal firqəsini bu növ anlatmağa çalışır: Əşhədü billahi əliyyül-əzim, Sahibi-imanəm, a şirvanlılar! Yox yeni bir dinə yəqinim mənim, Köhnə müsəlmanəm, a şirvanlılar! Şiəyəm, amma nə bu əşkaldən, Sünniyəm, amma nə bu əmsaldan, Sufiyəm, amma nə bu əbdaldən, Haqsevən insanəm, a şirvanlılar! Ümməti-mərhuməvü məğfur ilə – Əmrdəyəm taəti-məzbur ilə, Küfrümə hökm eyləməyin zur ilə, Qaili-quranəm, a şirvanlılar! Həcv deməklə hər kəsin fikrinə gələn əlfazi-mərdudəni heç vaxt şerdə işlətməmiş, Həmid bəyin “İnsana vicdanı qədər peyğəmbərlər, padşahlar belə mükafat edəməz” dediyi kimi, Sabir öz xidmətinin mükafatını ölüncəyə qədər ancaq öz vicdanından almışdır. Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı: nöqsanlarımızı və eyiblərimizi məzhəkə və məzah təriqilə qayət şirin və hər kəsin anladığı bir dil ilə, qəhqəhələrlə oxudub islaha çalışırdı. Nə çarə ki, ancaq beş ilə qədər ədəbiyyatımıza xidmət edə bildi. “Molla Nəsrəddin” jurnalı meydana çıxınca hər sahibi-zövq Sabirin ondakı nümuneyi-əşarına məftun olmaqdan kəndini alamadı. O gözəl şeirləri oxuyub anlayanlar, o gözəlliklərin fərqinə varanlar onları hifz etməyə həvəs etdilər. Halbuki Sabir əsərlərində işlətdiyi ibarələr və yeni məzmunlar kimsəni təqlid deyil, məhz öz fikrinin nəticəsidir. Bununla demək istəyirəm ki, Sabir müqəllid deyil, bəlkə elə mücəddiddir ki, köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir daha geri dönüb o uçurumu atılmağa kimsədə cürət qalmadı. Bir kərə düşünülsün: ədəbiyyatımızda nə qədər böyük bir təsir və nə qədər əzim bir inqilab vücuda gətirmiş! Gələlim siyasət aləminə etdiyi xidmətə: Məlumdur ki, fransız şairlərindən Şatobrian fransız qövmünün səltənət xanədanından olan burbonlarla Napoleon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, bu kitab Burbon xanədanından olan fransız kralı XVIII Lüinin öz etiraf və iqrarınca bir ordudan ziyadə ona xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabirin də asarı bu beş ilin müddətində İran məşrutəsinə haman növ bir ordudan ziyadə xidmət etmişdir. Mülahizə buyurulsun, İranın viranlığının böyük səbəblərindən biri olan Ətabək məşrutəçilər tərəfindən qovulub, dübarə Məhəmmədəli tərəfindən cəlb olunduqda dediyi şeir budur: “Əncümən əhlinin qoçaq...” i.a. Ətabəkin qətlindən sonra “Təzə həyat” qəzetində Məhəmməd Məhəmmədzadə imzalı bir nəfərin “Sən deyən oldu, biz deyən?” nəqəratlı şerinə cavab verdi. Bu qəbil şeirləri çoxdur. Həmçinin, Türkiyədə on təmuz inqilabından sonra kəramət göstərib 31 mart faciəsini səkkiz ay müqəddəm “Osmanlılar, aldanmayın...” şeri ilə xəbər vermişdi. Xülasə, Sabir əfəndinin “Həyat”da, “Füyuzat”da, “Rəhbər”də, “Dəbistan”da, “Molla Nəsrəddin”də, “Ülfət”də, “İrşad”da, “Günəş”də, “Səda”da, “Həqiqət”də, “Yeni həqiqət”də, “Məlumat”da olan bir tağım pərakəndə mənzumələrini tədqiq etdikdə demək olar ki, bu anacan misli heç görülməmiş şeirlərdir. Belə bir istedada malik olan şəxs yalnız avamünnas tərəfindən tənələr və söyüşlər eşitməyir, öz əyalı da ona düşmən olur, necə ki, bu halını “Molla Nəsrəddin” məcmuəsinin 4-cü ilinin 17-ci nömrəsində olan şerində bəyan edir. Bu arada bir oğlu olur, adını Məhəmmədsəlim qoyur. Uşağının məhəbbətindən qeyri yerə hicrət etməyi başara bilmir. Odur ki, yazıq Sabir daha qorxudan bu müstəar adını da dəyişdirib cürbəcür: “Din dirəyi”, “Mirat”, “Fazil”, “Ağlar güləyən”, “Əbunəsr Şeybani” adları ilə gizlətmək istəyir. Nə çarə ki, bu tədbirlə xalqın tənə və təərrüzündən xilas ola bilmir. Axırda iş bir payəyə çatır ki, “kafir” və “babi” deyə qəssablar ona quyruq satmırlar. Naçar qalıb quyruqçuluqdan və sabun bişirməkdən əl çəkir və üsuli-cədid üzrə təlim və tədris qaydasını az-çox öyrənib bir nəfər müəllimlə şərakətən məktəb açır və bunun adını “Məktəbi-ümid” qoyur. Müəllimlikdən də çörək pulu çıxmır. Daha çarəsi kəsilib 1910-cu ildə Bakıya gedir, “əşri-maarif” cəmiyyətinin Balaxanıda olan məktəblərində fars (dili) və şəriət müəllimliyinə qəbul olunur. Bakıda yazdığı şeirlər – ki, “Molla Nəsrəddin”in beşinci ilindədir, – mühitin təsirindən dahiyanə əsərlərdir. Heyf, əfsuslar olsun ki, 1911-ci ildə iyul ayında Bakıda məriz olur. Həkimlər müayinə edib xəstəliyini əzmi-gəbəd, yəni qara ciyərin şişməyi deyə təşxis edirlər. Öz xəstəliyini yoldaşı A. Səhhətə bu şerilə xəbər verir: Arizi-qəmlər əlindən ürəyim şişmiş idi, Zənn edirdim edəcəkdir ona çarə ciyərim. Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən Başladı şişməyə indi üzü qarə ciyərim. Mərəzi getdikcə şiddət edir. Daha Bakıda qala bilməyib Şamaxıya qayıdır və oradan Tiflisə müalicə üçün gedir. “Molla Nəsrəddin” jurnalının heyəti-təhririyyəsi maddi cəhətdən çox müavinət edirsə də, heyfa ki, müalicəsi faidəbəxş olmayıb, bilaxərə Şamaxıya qayıdır və daha mərəzin zəhmətindən xilas olmaq üçün ölmək arzu edib bu şeri deyir: İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl, Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm! Axır nəfəslərində bu rübaini yazır: Rahəm bedəhid, ru berah amədəəm, Bər dərgəhi-həzrəti-ilah amədəəm; Bitöhfə nəyamədəm, nə dəstəm xalist, Badəsti-pür əzhəmə günah amədəəm. İyulun 12-də 1911-ci ildə rəhmətli xudaya vasil olur. * * * Şairi-mərhum Sabir əfəndinin qəbri Keçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular: Hacı Əbdürrəhim Səmədov 3 manat Əbdüləli Qurbanov 3 manat Əbdüləhəd İskəndərov 3 manat Əliheydər Məhərrəmov 1 manat Ağa Əhmədov 1 manat Əşrəf Nəzərov 1 manat Xələf Məmmədov 50 qəpik Şamaxıda oynanılan bir teatrdan 12 m. 20 qəpik. Yekunu 24 m. 70 q. Həmin pul ilə rəməzani-mübarəkin 29-da bəzi ərbabi-qeyrət cavanların müavinətilə mərhum Sabirin qəbri üstünə gözəl bir daş salındı. Cənab həqq ianə edənlərin və məzkur cavanların müini olsun. Bu da məxfi qalmasın ki, bu keçən yayda Şamaxıda oynanılan bir teatrdan mərhum Sabirin nəfinə əlli üç manat altmış altı qəpik pul hasil olmuşdu. Həmin puldan yuxarıda söylədiyimiz 12 manat 20 qəpik çıxıldıqdan sonra baqi 41 manat 46 qəpik mərhumun kitablarının çap olunması üçün cəm olan pulun üzərinə əlavə olmaq üçün Bakıda “Kaspi” idarəsinə veriləcək idi. Zənn edirik ki, bu vaxta qədər həmən pul “Kaspi” idarəsinə verilmişdir. * * * Müqəddimə Yazmaq bir fikrə möhtac isə, tərcü- mə etmək iki fikrə və hüsni-intixab üç fikrə möhtacdır. Səid bəy Avropalıların fünun və sənayeyi-zahiridə tərəqqiləri nə isə, mənəvi cəhətdən ədəbiyyatları da o payədə tərəqqi etmişdir. Qərbin tarixi-ədəbiyyatı bizə göstərir ki, onların ədəbiyyatda bu dərəceyi-kəmalə yetişməsinin səbəbi Qədim Roma və Yunan ədəbiyyatını öz dillərinə tərcümə etmələri olmuşdur. Hal-hazırda rusların bu qədər parlaq və geniş ədəbiyyatına aşina olanlar bilir ki, Puşkin və Lermontovun əsərlərində bayronizm deyə İngiltərə şairlərindən lord Bayron məktəbinin nə qədər nüfuz və təsiri olmuşdur. Və lakin bizlər isə, hər şeydə olduğumuz kimi, ədəbiyyatımızda da haman qüruni-vüsətayə yavuq bir halda qalmışıq. Bunun yeganə səbəbi odur ki, Avropa lisanlarına aşina olanlarımız türkcə bilməyə tənəzzül etməmişlər və həmçinin, türkcə kamil bilən şairlərimiz əcnəbi lisanlarını öyrənməyə etina etməmişlər. Odur ki, haman məhdud bir dairədən kənara çıxa bilməmişik. Avropalıların öz ədəbiyyatı o qədər vase olduğu halda, yenə ərəb və farsın məşhur ədib və şairlərinin əsərlərini öz dillərinə təmamən tərcümə etmişlər. Belə olan surətdə biz nə üçün avropalıların asarını öz lisanımıza tərcümə etməyək? Bilmədiyimizi nə üçün öyrənməyək? Elm heç millətin malı deyildir! Hər kəs yiyələnmək istəsə, onundur. Bu mətləb məni vadar etdi ki, Qərb ədəbiyyatından bəqədri-qüvvə öz dilimizə tərcümə etməklə əhalimizi onların asarına aşina edim. Tainki o şümusi-elmü ürfanın ənvari-əşüəsilə bizim də zülmətdə qalan duyğularımız işıqlansın. Xarici lisanlarına aşina olmayan şairlərimiz onlara nəzirə yazmaqla yeni-yeni, gözəl-gözəl əsərlər meydana gətirsin. Bununla bizim də ədəbiyyatımız dövlətlənsin və tərəqqi etsin. Buna görə də məcmueyi-naçizanəmə “Məğrib günəşləri” ad qoydum. Bu fikrimi məndən başqa bir qeyrisi də bəyənərsə, təşəkkür edərəm. Təlifdən tərcümənin müşkil olduğunu nəzərdə tutub ərbabidanişdən qüsurumun əfvini dilərəm. * * * Bir-iki söz Şairlik iddiasını etməməkdən başqa hələ onun məqami-büləndini vəsf və bəyan etməkdə olan ədəmi-iqtidarımı da kəmali-icz ilə iqrar edirəm. Burasını Şeyx Nizami həzrətlərinin: Pişü pəsi daşt səfi-kibriya 1 _ Pəs şüəra amədü piş ənbiya – beytindən gözəlcə anlamaq olar. Fəqət bununla belə təbiət və sənayedə olan hüsnü lətafəti fərq və təmyiz etmək xassəsinə malikəm. Yəni demək istəyirəm ki, şair deyilsəm də, bir az şair kimiyəm. Yazılarımın şeir olmadığını dərk edib də kağızlar üzrə qaralamaqdan çəkinirəmsə də, yenə özüm ilə bacarmıram. Odur ki, məcmueyinaçizanəmə müqəddimə olaraq “Oxucularıma” sərlövhəli bir mənzumə ilə ifadeyi-məram etmişəm. Əsərlərim sınıq ürəkdən çıxan sızıltılar olduğu üçün fransızların şairi-əziminin “Zərfi-şikəstə” adlı əsərinə və türklərin böyük şairi Tofiq Fikrət bəyin “Rübabişikəstə”sinə təqlidən “Sınıq saz” deyə adlandırdım. Mündərəcatından bir söz bir nəfərə belə xoş gələrsə, özümü bəxtiyar sanaram. * * * “Sövqat” oxucularına “Sövqat” qəzetinin mövqeyi-intişara qoyulması ilə mətbuatımızın zənginləşməsini və bununla mübarizeyi-həyat meydanında bir qədəm daha irəli qoymamızı görüb də ixtiyarsız da şadlanırdım. Hələ heyətitəhririyəsinin münəvvər gənclərimizdən təşəkkül etməsi məni çox sevindirir. Müvəffəqiyyətlərini diləyirəm. Yalnız quru bir diləməkdən nə fayda? “Keçməsin bu ömrümüz bihudə istimdad ilə” misrasının məzmuni-həqiqətnümununa binaən yalnız diləmək deyil, çalışmaq da lazımdır. Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin. Xassə bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsək, gərək çalışalım. Gərək lamə halə qonşularımızda gördüyümüz səy üsullarını qəbul etməkdə tərəddüd göstərməyəlim, qəzetlər, risalələr nəşr edəlim; cəmiyyətlər təşkil edəlim; avam kütləsinin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım. Fəyyazi-əzəl o vaxtda öz mərhəmətilayətənahisini bizlərə də şamil qılar. Fəqət burada zənni-acizanəmə görə vəzifəmin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər. Təpərli olsunlar. Qonşu millətlərin müəllimləri nasıl ciddü-cəhd ilə çalışırlarsa, necə qeyrət göstərirlərsə, biz də onlardan ibrət dərsi alalım. Və lakin nə fayda ki, el müəllimləri adlanan zatların əksəri ana dilinə əsla rəğbət və məhəbbət etmirlər. İstər evlərində, istər məktəblərində ana dilinə dair bir vərəqpara olsun saxlamırlar. Hətta bəziləri var ki, bu dəyərli ada, bu ehtiramlı mövqeyə əsla istehqaqları yoxdur. Əcnəbi dilini bilmədikləri halda ana dillərində qonuşmağa belə tənəzzül etmirlər. Təəssüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir nəqisə vardır. Qədimdən bəri bu çirkin adət bizdə mövcuddur. Səviyyeyi-mədəniyyəsi bizdən yüksək olan əqvamın lisanına, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışıq. Məsələn, bir vaxt ərəblərin təhti-hakimiyyətində olduğumuz zaman onların lisanlarına, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Farabi kimi dahilərimiz türk oğlu türk olduqları halda on cildlərə baliğ olan qiymətli əsərlərinin heç birinin türkcə yazmamışlardır. Onlardan sonra yetişən türk şairləri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlərimiz, ədiblərimiz dursun, hətta bütün türk sülaləsindən yetişən hökmdarlarımız, padşahlarımız da yazdıqları, qonuşduqları dil fars dili olmuşdur. İndi isə, indi daha nə söyləyim! İş əgər yalnız bir dil bilməyə qalsaydı, yenə dərd yarı idi. Xeyr, əsl əngəl orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissiyyatına qapılmaqda çox laübalıyıq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşkardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərək izzəti-nəfs, gərək alicənablıq olsun. İnsanam deyən adam gərək bu məziyyətlərə dara olsun. Əgər belə deyilsə, bəs bugünkü gündə bu millətlər müharibəsi nə üçündür? Yəqin ki, bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək? * * * Qəndin vücudumuza olan faydası Bu aləmşümul müharibənin təsirindən bütün müharib və qeyrimüharib dövlətlərin həyati-ictimaiyyələrində bir çox təbəddülat vaqe olduğu hər kəsin məlumu olsa gərəkdir. Xüsusən ən zəruri məkulat cümləsindən olan qənd böhranı hər kəsin zehnini məşğul etdiyi kimi, su üzünün hakimi-ələlitlaqı olan İngiltərə əhalisini də düşündürmədədir. Odur ki, “V.Z.” jurnalında İngiltərə doktorlarından Sili adlı bir nəfərin fövqəzzikr ünvanla mündəric bir məqaləsi vardır ki, onun xülasəsi budur: istemalına mail olduğumuz bəzi əşya var ki, qaliba vücudumuza zərərdir. Onlardan təhriz etməmiz lazımdır. Lakin bəzi şeylər də var ki, sövqi-təbiətlə ona həvəskar və məyyal olduğumuz halda, tibb nöqteyi-nəzərincə də bəqayi-vücudi insanidə onun böyük əhəmiyyəti müşahidə olunur. İştə qənd o qəbildəndir ki, hər kəsin mötadı olduğu kimi, vücudumuzun səhhət və səlamətinə də ən nafe, ən müfid bir şeydir. İndiki halda şəkli-zahirisi ilə məlumumuz olan qənd əyyamisələfdə belə deyildi. Keçmiş zamanlarda Avropa əhalisi qəndin olmasından belə xəbərdar deyildilər. Sevdikləri və yedikləri şirin meyvələr və arılardan əxz olunan bal olmuşdur. Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur. Şirin şeyləri yalnız insanlar sevmirlər, heyvanlar da sevirlər. Ayının bal yeməyə olan həvəsini bilməyənlərimiz yoxdur. Şəkər qamışından qənd qayırmağı neçə il bundan müqəddəm Çin əhalisi ixtira etmişdir. Sonralar Yunani-qədim və ərəb ətibbaları öz xəstələrinə sükkər deyə onu daxva qəbilindən olaraq təcviz edirdilər. Get-gedə şəkər qamışını əkmək üsulu insanların arasında şüyu bulub biləxərə tamam isti məmləkətlər və sair əkinəcəklər zümrəsinə daxil oldu. Qəndin istemalı adi məkulat sırasına daxil olduqdan sonra ətibba onu ədviyə zümrəsindən saymağı qət etdilər. Fəqət indiki əsrdə haziq əttibanın əksəri qəndi insanın əzası üçün ən nafeqida cümləsindən saymaqdadırlar. Xüsusən zəfi-qəlbə mübtəla olan xəstələrə əlac etmək üçün qənd istemal edirlər. Hətta zəfi qəlbdən ariz olan bəzi böhranlı dəqiqələrdə ən yaxşı təbiblər duz ilə şəkərdən istehzar edilmiş bir məhlul – ki qlyukoz adlayırlar. – Həmin davanı bədənimizdə olan göy damarların birinə şirinğə edirlər. Bununla xəstənin ürəyi təqviyət bulub zərban artır və haləti-təbiiyyə yaxşılaşmağa şüru edir. Əlbəttə, indiki belə qəribə müalicələr məşhur Calinus və Bokratın heyrət və təəccübünə mucib olsa gərəkdir. Bundan anlaşılır ki, qlyukoz qayətdə nafe bir şey imiş. Boş meyvələrdən üzümdə əksəriyyətlə mövcud olduğu kimi, balda və qeyri süni şeylərdə də mövcuddur. Üzüm müalicəsi də bu nöqteyi-nəzərdən nəşət etmişdir. Ondan əlavə ağzımızda olan qüdədi-ləabiyyə və bağırsaqlarda olan sair vəzlər yediyimiz qidalardan vücudumuz üçün qlyukoz istehsal edirlər. Nə üçün mədəni insanlar qeyri-mədənilərə görə gec qocalır? Tamam meyvələrdə olan şirni vücudumuza daxil olduqdan sonra sürətlə qlyukoza mübəddəl olur. Süddə süd qəndi deyilən bir maddə mövcuddur ki, körpə uşaqlar üçün qayətdə nafe olan bu qidanın qlyukoza təbdil olması da sərihdir. Bu mülahizata görədir ki, şəkər qamışından və biyan kökündən və zılxdan qayrılan qənd istemalına mötad olan mədəni insanlar kəsrətlə şirni şeylər yedikləri üçün qeyri-mədəni insanlara nisbətən artıcaq ömür edib gec də qocalırlar. Əgər insanlar bilkülliyyə qənd istemalını tərk edərlərsə, onda nə məzərrət hasil olar? O halda ya gərək insanın bədəni sair məvaidi-qizaiyyədən qənd tədarük etsin və yaxud qara ciyərimiz istehzar və zəxirə etdiyi qəndi sərf edib bitirdikdən sonra artıq yaşamayıb ölməyə məhkum olsun. Buğda və düyü kimi hübubatdan istehsal olunan nişasta da qəndin ən gözəl səhlül-məxəz bir mənbəyidir. Pəs yediyimiz çörək də vücudumuzda dəyişib qənd olurmuş! Lakin qəndə təbdil olması ilə bərabər nişastanı məvaidi-məğziyyədən saymaq xətadır. Zira bunun üçün qəvi bir qüvveyi-haziməyə malik olmaq lazımdır. Həmin mülahizəyə görədir ki, doktorlar zəif xəstələri nişastalı şeylər yeməkdən mən edirlər. Pəs bundan anlaşılır ki, şəkər qamışından istixrac olunan qənd yovmiyyə qidalarımıza daxil olması ilə bədənimizə nə qədər nafe imiş! Lakin kürreyi-ərz üzərində yaşayan insanların miqdarı gündən-günə təzaid etdiyinə görə yalnız şəkər qamışından qayrılmış qənd insanlara kifayət etmir. Odur ki, sair nəbatatdan qənd istehsalı üçün insanlar çalışıb istədiklərini əldə etmişlər. İndiki halda zavodlarda qayrılan qəndin iki sülsü zılx və biyan kökündən əxz edilir. Bu fənn XX əsrin I nisfində almanlar tərəfindən icad olunmuşdur. Sonra fransızlar bu icadın əhəmiyyətini anlayıb daha artıq bu fənndə tərəqqi etmişlər. Əgər Almaniya məmləkətində qənd istehzar etməyə kifayət edən qədər zılx və biyan kökü olmasaydı, yaxud məvaidinariyyə hazırlamağa lazım olan spirt olmasaydı, Almaniya hökuməti müttəffiqlər qarşısında çoxdan tərksilah etməyə məcbur olmuşdu. İngiltərə hökuməti Almaniya səvahilini abloka etdiyi kimi, Almaniya hökuməti də Böyük Britaniya adalarını abloka edə bilərsə, belə ki, ətrafdan yalnız qənd gəlməsi külliyətən müntəqe fəna olar isə, o halda İngiltərə əhalisinin halı qayətdə fəna olar. Qəndi, konfeti hər kəs bilir ki, çocuqlar artıcaq sevirlər. Onun dişlərə müzürr olduğu iddəasını edənlər də bulunur. Halbuki şimali Hindistan əhalisi arasında kəsrətlə saf dişli adamlar mövcuddur ki, sübhdən axşamacan çeynədikləri şey şəkər qamışıdır. Birinci olaraq bu sözü Herbert Spenser demişdir ki, atalar övladlarını qənd yeməkdən əbəs mən edirlər. Zira ki, baliğ şəxslər də çocuqlar qədər şirniyyə maildirlər. Fəqət əksər adam papiros, tənbəki və spirtli məşrubat ilə qüvveyihazimələrini xələldar etdikləri üçün o zövqü itirmişlər. Çocuqlar vücudca daha artıq cəld və çapıq olduqları üçün və həm də mədəbağırsaqları sair məvaidi-ğizaiyyədən qənd hazırlaya bilmədikləri üçün bədənlərinə lazım olan qəndi sövqi-təbiətlə yeməyə həvəskardırlar və yenə ətfalın vücudu baliğlərə nisbətən soyuqdan tez mütəəssir olduğundan öz hərarəti-qəriziyyələrini baliğlərinki dərəcəsinə yetişdirmək üçün hərarət törədici şeylər yemələri təbii bir əmrdir. Pəs məlum oldu ki, zərbani-qəlbin idaməsi üçün qənd ən zəruri bir şeydir. Qənd yeməz isək, ürəyimiz hərəkətdən qalar, əzəlat boşalar, daha doğrusu, ölüm yetişər. İtalyan alimlərindən məşhur Musso yazır ki, yorğunluğu rəf etməkdən ötrü qənd ən səriül-əsər bir əlacdır və həmin mətləbə məbnidir ki, Almaniya hökuməti öz əskərlərinə verilməkdə olan yovmiyyə qəndin miqdarını artırmışdır. Yuxarıdan bəri zikr etdiyimiz bəyanatın müləxxəsi odur ki, qənd insanın vücudu üçün ən zəruri, ən müqəddi və ən ucuz bir müvəllidilhərarə amildir. Ona görə mədəni məmləkət əhalisi müharibədən sonra kəsarətlə qənd istehzar etmək üçün lazım olan bütün vəsilələrə təşəbbüs etməlidirlər ki, nəsli-ati bir daha onun böhranına düçar olmaq bəlasından özlərini xilas edə bilsinlər. Bunun üçün də yerlərin hasilavərliyinə diqqət etməklə bərabər, yaxşı taxıl məhsulu verməyən yerlərə zılx və biyan kimi qiymətli şeylər əkməyə sərfi-hümmət olunsa gərəkdir. * * * Millət məclisi Türk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”. Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar. Doğrudur, müəllim əfəndilər il uzunu zəhmət çəkib indi rahat olmaq istəyirlər. Lakin zənni-acizanəmə görə indi istirahəti millətə fəda etməliyik. Xeyr, çarə yoxdur. Hər nəhv ilə olsa, istər müəllimlərə, istər tələbələrə, istər rüşdiyyə, istər ya ibtidaiyyə məktəblərinin yuxarı siniflərinin şagirdlərinə təlimat verib ətrafa göndərməlidir. Əlbəttə, onlar üçün zimnən istirahət müyəssər olacaqdır. Yaylaqlara köçmüş ellərin, qəbilələrin içərisinə birər məbus göndərməli, vaxt və zamana münasib vəzaif və hüquqi-bəşər haqqında, hürriyyət və məşrutiyyət babında sadə və asan bir dil ilə camaata bəyanat vermək, əmnü asayişi təmin etmək, hürriyyətin möhkəm və paydar olması xüsusunda təlqinat və təbliğatda bulunmalıdır. Oxumuşlarımız bu hala qədər avamdan qaçmağı özlərinə şüar etmişlər. Halbuki əgər yaxından bələd olsalar, haman bəyənmədikləri avamünnasın arasında elə pak nasiyələr, elə saf vicdanlara təsadüf edərlər ki... Nə isə, vaxt keçir, zaman bizi bəkləmir. Bu halın bir dəqiqəsi keçmiş illərin əsrlərindən qiymətlidir. Farslar kimi “bə mən çe” deyib və durmaq vaxtı deyil, işləmək, çalışmaq vaxtıdır... Ey xalqın bərgüzidə alimləri, ey millətin möhtərəm müəllimləri! Ümidi-istiqbal sizdədir. Millətin göz dikəcəyi sizlərsiniz. Qoşunuz millətin imdadına, qoşunuz! “Pəs, əz ülfət qəfəs həm aşiyan şüd” misrasının məzmununca illərlə qəfəsdə qalmış və onunla ünsiyyət etmiş bir quş kimi azad olduqda uçmaqdan aciz qalmayıb da var qüvvəniz ilə əl-ayaq vurunuz. Millətin səviyyeyi-fikriyyələrini yüksəltməyə, balalara pərvaz etməyə çalışınız. Hürriyyətə, cümhuriyyətə layiq olduğumuzu hər kəsə, hər tayfaya anladınız. Məhkumi-fəna ya məsudi-bəqa olmaq saatı mütləq yetişmiş. Bir an qəflət etmiş olsaq, nəuzübillah, bu böyük inqilab millətimizi qubar dənələri kimi girdaba alıb götürəcək. Təlimləriniz ilə cahanın çöhrəsini sizlər dəyişdirə bilərsiniz, ey müəllim əfəndilər! * * * Üçüncü bir düşmən Məmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə – ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, – iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən, daha bədtər, xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad-uşaq, kiçik-böyük, yaşlı, cavan, qəvi, zəif – hər kəs olursa-olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppelinlər bunun müqabilində oyun-oyuncaqdır. Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, o xəsmi-cani aclıq və qəhətlikdir! Dünyada hər hansı bəla olursa-olsun insan ona dözər, müqavimət edər. Taun, vəba, zəlzələ, tufan – müxtəsər, hər hankı ərzi və asimani bəla varsa, aclıq qədər vəhim deyildir. Gündən-günə qəhətlik şiddət edir, aclıq gözlənilir. Mülahizə buyurulsun, neysan ayı nisfdən keçdi, hələ bu vaxtadək bir qətrə yağış yağmadı. Otlar, biçinlər saraldı. Gərmsir olan yerlərdə əkin, ziraət yandı, tələf oldu. Əşirələr, obalar, köçəri ellər yayın əvvəllərində qışlaqdan yaylağa köçmələri lazım ikən çarəsiz indidən köçməyə başladılar. Heç yerdə heyvanat doyan qədər ələf yoxdur. Quru qurtarıb, yaş yetişməmişdir. Xalq yeməyə çörək tapmır. Əhalidə gündən-günə hirman, naümidlik artmadadır. Dərd orasındadır ki, bu quraqlıq, qəhətlik, aclıq bir qitəyə, bir ölkəyə, bir nahiyəyə müxtəss deyildir, yalnız Qafqasiyaya münhəsir deyildir. Türküstanın mütəəddid şəhərlərindən gələn sədalar, İranın müxtəlif biladından yetişən məktublar həp bir məalda aclıqdan dadfəryad edirlər. İndiki vaxt suların daşqın vaxtı ikən Bakı quberniyasının əksər yerlərində çaylar, irmaqlar, çeşmələr, bulaqlar qurumuş. İndidən çöl əhalisinin arasında su üstündə münaziələr, mücadilələr başlanmışdır. Allah bilir ki, bu işlərin axırı nerəyə müncər olacaqdır. Üç ildən bəri çəkdiyimiz bahalıq yaxşı-yaman birtəhər keçinmədə idik. Zəruri məkulat adi qiymətdən on qat, iyirmi qat artıq baha idisə də, yenə az-çox tapılırdı. Lakin indi tapılmır. Şamaxıda unun batmanı altı manatadır. O da adı var, özü yoxdur. Çörəyin girvənkəsi beş şahıya satılır. Neçə günlərdir ki, tanıdığım bəzi əşxas varlı, tavanlı olduqları halda bir çörək, bir batman un, neçə qiymətə olursa-olsun, tapıb ala bilmirlər. Kooperativ dükanının qarşısında toplanıb çörək almaq növbəsini bəkləyənlərin miqdarını insan gördükdə vəhşət edir. Bəzən elə olur ki, səhərdən axşama qədər növbət bəkləyir də sonra mövcud olan çörək satılıb qurtarır və o biçarələr axırda çörəksiz qalıb baqqal dükanından armud qaxı alıb ona qənaət edirlər. Hələ bir çoxları var ki, qazandığı para, yovmiyyə məaşına kifayət etmir. Canım! Girvənkəsi beş şahıya çörək alıb da fəqir bir ailə sahibi məişət edəməz; bu mümkün deyil. Gec-tez bundan yaman nəticə çıxar. Bu qayətdə diqqət olunmalı işdir. Bunu səhl sanmaq olmaz. Aclıq bəlasının dəfinə çarələr etmək lazımdır, ciddi tədbirlər etmək gərəkdir. Madam ki, hürriyyəti sevirik, madam ki, hürriyyət və cümhurriyyət tərəfdarıyıq, ən əvvəl azuqə məsələsini layiqincə həll etməliyik. Madam ki, əmnü asayişin xələldar olmasını istəmirik, xalqı ac qoymamalıdır. Ey möhtərəm qarelər, ey sevgili vətəndaşlar, bu yolda hamımız var qüvvəmiz ilə çalışmalıyıq. Əgər həqiqətən köhnə hökumətin istibdadının bir daha qayıtmamasını istəyir isək, əgər cümhuriyyət və hürriyyət abi-həyatına təşnə isək, məxluqu ac qoymamalıyıq. Yoxsa qorxuram xudanəkərdə aclıq kəsbi-şiddət edər də qətl, qarət, talan, yəğma başlanar. Halbuki aramızda belə nifaq və şiqaq toxumları saçmağa çalışanlar da çoxdur. Köhnə hökumət tərəfdarları belə şeyi göydə axtarırlar, yerdə əllərinə düşmür. Xudanəkərdə əgər belə bir fürsət əllərinə düşərsə, o vaxt nə ki, hürriyyətimiz, hətta mövcudiyyətimiz də gedər, həm varlığımız badi-fənayə uğrar. Amandır, qardaşlar, aclıq kimi düşməni-biamanı gözdən qoymayalım. Zira ki, o bizim xarici və daxili düşmənlərimizin köməyidir. Aclığı yox eyləməli! Haydı, qardaşlar, yek-digərimizə müavinət edəlim! * * * Şamaxıdan (müxbir məktubları) (Müxbir məktubları) 1 Böyük Rusiyanın möcüznüma inqilab xəbəri şəhərimizə yetişdikdə ümumi əhalidə qəribə haləti-ruhiyyələr törətdi. Bəzi kimsələr böht və heyrət aləminə dalmış, inanmaq istəmədi. Bəzi kəsrəti-fərəh və sürurundan çıldırmaq dərəcəsinə gəldi. Qaragüruh firqəsinə mənsub bəzi hökumət məmurları çaşıb iztiraba düşdülər. Hər kəs səbirsizliklə hadisat və vəqayenin məbədini gözlədi. Birinci gün bələdiyyə idarəsinin yazması ilə camaat nümayəndələri divanxanaya toplanıb vəqayeyi-cariyyə haqqında məlumat aldılar. Sonra Bakı və Tiflis qlavalarından peydərpey gələn teleqraflar vüquatın nə yolda cərəyan etdiyini ümumi elan etdi. Müztərib könüllər təskin tapdı, inanmayanlar inandılar. İşin belə olmasını sevməyənlər yasa batdılar. İkinci gün əsr çağı rus kilsəsinin cünbündə vaqe olan meydana camaat toplandı. Bu hala qədər beş nəfərin bir yerə cəm olmasına mümaniət edən polis nəfəratı bu hala biganə duraraq təsirsiz qaldı. Bir neçə nəfər müstəsna olaraq ümum əhalinin üzündə bir şövq və məsərrət asarı nümayan oldu. Hər kəs qorxusuz, ürküsüz öz fikrini, öz düşüncəsini, öz əqidəsini bəyan edir... Ox, yarəbbim! Bu nə gözəl aləmdir?! İnki mibinəm bebidarist yarəb, ya bexab? Hər kəsin ağzından elə söz, elə kəlmələr eşidilir ki, beş gün bundan irəli o sözlər onun qanının bahasıydı. Bunun səbəbi nədir? Hürriyyət! Ey böyük şairlərin, ədiblərin pərəstideyi-ruhu! Ey frişteyiasimani! Günlər, aylar deyil, ey illər ilə həsrəti-cəmalı ilə qara günlərdə qalan millətin işıqlı sitarəsi! Ey hürriyyət mələki! Ey tari-zülfünə dili-divanələr fəda, Canlar deyil, qüdumuna cananələr fəda. Mən görmədən cəmalını qurbanın olmuşam, Şəmi görüb olursa da pərvanələr fəda. Sən nə fitneyi-cahanaşubsan! Sən nə neməti-səmavi, nə feyzisübhanisən! Sübhanallah! Qapalı ağızlardan qıfıllar götürüldü. Böyük-kiçik, əla-ədna, bəy-rəiyyət, zabit-əskər, cümhuri-nas bilafərq və məzhəb hər kəs hüquqca müsavi olaraq sayeyi-hürriyyətdə ictima etdilər. Bu halda Şamaxı üləmasının ən bənam və ən fazili olan Mustafa əfəndi cənabları kursiyi-xitabata çıxdı. Bir nitqi-bəliğ ilə vüquati-cariyyə haqqında təfsilat verib də sonra o mübarək kəlmənin, o rəhmətimücəssəm olan hürriyyətin mədluli-həqqiyyəsi ilə camaatı aşina etdi. Minlərlə toplanmış məxluqat bir vücudi-vahid kimi o məzaminibəliğin dürəri-mənsurinə xiridar olmağa canü dildən müştəri idilər. Əfəndi həzrətlərinin nitqi sürəkli alqışlarla bitdi. Bu dəfə qarnizon heyəti-zabitanından bir nəfəri kürsiyi-xitabata süud etdi. Möhtərəm zabitin nitqi mütərcim vasitəsilə camaata anladıldı. Vətənin qəhrəman əsgərləri ümumən yeni hökumətə sadiq və tərəfdar olduqlarını bəyan etdikdən sonra zabit cənabları mövqeyini bir nəfər saldata tərk etdi. Sürəkli alqışlarla saldat nitq söyləməyə başladı. Ax, yarəb! Bu nə aləm! Dünən öz zabitinin hüzurunda “la” və “nəəmdən” artıq söz söyləməyə ixtiyarı olmayan bir nəfər, indi necə azadə, ürküsüz, qorxusuz öz əfkarını bəyan edir; alqışlarla danışığını kəsməyə məcbur olur. Müxtəsər, saldatın atəşli nitqi camaata elə təsir etdi ki, sürəkli, gurultulu alqışlarla onu əllərinin üzərinə götürüb gəzdirdilər. Bu arada şəhər naçalniki Jupranskiyə qəşş ariz oldu, yıxıldı. Hökumət məmurları fövrən fayton gətirib onu öz mənzilinə apardılar. Həmin gün icraiyyə komitəsinə təsis etmək haqqında bir teleqraf varid oldu. Xəlayiqi bu məsələyə də aşina etmək üçün 3 gün cümə məscidin həyətində mitinq təşkil edildi. Bu dəfə qazi Əbdülhüseynzadə cənabları nitqi-iftitahı ilə məclisi açdı. Sonra yenə də dünki natiqlər növbə ilə əmnü asayişi təmin etmək, hürriyyətin paydar olması haqqında nə kimi iqdamatda bulunmaq lazım olduğunu bəyan etdikdən sonra icraiyyə komitəsinə nə kimi şəxslər intixab olunacağı xüsusunda yenə də Mustafa əfəndi cənabları bəyanat verdi. Əsr zamanı icraiyyə komitəsi təşkil etmək üçün camaat vəkilləri bələdiyyə idarəsinə cəm oldu. Lakin bələdiyyə idarəsinin salona toplanmış camaatı sığdırmadığı üçün erməni lüteran kilsəsinin salonuna nəqli-məkan etdilər. İş burada şuluğ olmağa başladı... İcraiyyə komitəsi təsis etməyə rəislərimizin nabələd olduqlarındanmı, ya nədən isə yenə də partiyabazlıq məsələsi üçün geniş meydan açıldı, intriqalar başlandı, dəsisələr, iğvalar edildi. Bir xeyli nəsayih və məvaizədən sonra səkkiz nəfər ruhani, dörd nəfər tacir, üç nəfər hökumət məmuru, iki nəfər dava vəkilindən ibarət bir komitə intikab olundu. Bələdiyyə idarəsindən də iki nəfər nümayəndənin komitədə iştirak etməsi haqqında söz açıldıqda yenə də hay-küy başlandı. Sabiq bələdiyyə idarəsinin ləğvi və yeni seçki tərtib etməyi israr etdilər. Bu məsələnin indilik mümkün olmadığı anladıldıqdan sonra duma vəkillərindən iki nəfər namizəd edildi. Komitənin sədarətinə birinci padşahlıq duma vəkili Məhəmmədtaqi Əliyev cənabları intixab olundu. Bir neçə gün iş bu qərar üzrə davam etdi. Lakin qəzetlərin hər gün gətirdiyi yeni-yeni xəbərlərdən mütəəssir olan camaat qeyrişəhərlərdə edilən icraat və sərəncamların heç birinin Şamaxıda tətbiq edilmədiyindən yenə də qələyana gəlib çunü çəraya başladılar, dediqoduların arası kəsilmədi. Əliyev cənabları isə bu tənqidata təhəmmül etməyib komitə sədarətindən istefa verdi, tamam-kamal işdən çəkildi. Demək, indi icraiyyə komitəmiz başsız qalmışdır. Maaşsız olduğu üçün qeyri-şəhərdən müqtədir hüquqşünaslardan gətirmək mümkün deyildir. Onun üçün işimiz çox ləng gedir. Hasili-kəlam, hürriyyət və məşrutiyyətin ancaq adı gəlmiş, özü gəlməmişdir. Sabir mərhum demişkən: Köhnə idarəmiz durur, Rəngi də solmayıb hələ. 2 Müsəlman tələbələrinin fəaliyyəti Həmin may ayının əvailindən bəri şəhərimizə varid olan yerli müsəlman tələbələri Bakı mərkəzi müsəlman bürosu tərəfindən aldıqları məmuriyyət və düsturül-əməlləri əncama yetirməkdə var qüvvələri ilə çalışmaqdadırlar. Bu sayədə şəhərimizdə böyük həyat asarı müşahidə olunmaqdadır. Məsələn, mitinqlər tərtib verib vəqtü-hala münasib nitqlər söyləmək və sabiqdə şəhərimizdə vücuda gəlmiş milli komitənin ictimaında mühazirələr oxumaq və sairə kimi gözəl iqdamatda bulunmaqdadırlar. Mahalları kənddən-kəndə, obadan-obaya gəzib-dolaşıb milli təşkilat icra komitələri təşkil edirlər. O cümlədən, tələbə Həqqi Veysov və Əliheydər Qarayev cənablarının səyləri həqiqətən şayanitəqdir və təhsindir. Bu az müddətdə şəhərimizin bütün əsnaf və kəsəbeyi-tüccar və sair vətəndaşlarını cəm edib Sənətkarlar İttifaqı vücuda gətirmişlər. Bu qəbildən olaraq təqribən iyirmiyə qədər ittifaq təşkil edildikdən sonra İttiffaqlar ittiffaqı vücuda gətirdilər ki, həmin ittifaqlar istər şəhərdəki İcra Komitəsinə və istər Ərzaq Komitəsinə birər nümayəndə göndərmək təşəbbüsündə bulunurlar. Bunlardan əlavə ən gözəl iqdamatları Şamaxı şəhərinin fəhlə ittifaqı ilə saldatları müttəhid etmələridir. Belə ki, keçən gecə, may ayının 23-də, saat doqquz radələrində Şəhərin Saldatlar İttifaqının nümayəndələri ilə şəhərin Fəhlələr İttifaqını dəvət edib Fəhlələr və Saldatlar İttifaqı (Sovet Raboçi-Saldat) vücuda gətirdilər. Həmin ictimada istər sədarət edən tələbə Qarayev cənablarının gözəl mənidar nitqi, istər Milli Komitə tərəfindən atəşin nitq irad edən Ağa Zeynalabdin Atakişiyev cənablarının sözləri gözəl, olduqca faydalı təsir bağışladı. Fəhlələr və saldatlar yekdigərini dərağuş etmək üçün qollarını açıb, can deyib, can eşidirdilər. Həqiqətən yorulmaq bilməyən cavan tələbələrimiz çalışırlar. Fəqət burası vardır ki, lazımlı, işlənməli işlər çox, onların istedadı azdır. Bundan əlavə təəssüf olunacaq bir nöqtə də var ki, kifayət qədər türkcəyə, öz ana dillərinə aşinə deyildirlər. Millətin ehtiyacı qayət böyük, onlardan yetişən əlac miqdarca xeyli kəmdir. İştə ən mühüm məsələ! Bakı Mərkəzi Müsəlman Bürosunun nəzəri-diqqətini bu mətləbə cəlblə ərz edirəm ki, buna çarə aramalıdır. 3 İnqilabın birinci günlərində Şamaxıda təsis olunmuş Milli Müsəlman Komitəsi Zaqafqaz müsəlman qurultayının təşkilindən sonra özünü Bakı müsəlman camaat təşkilatının müvəqqəti bürosuna ilhaq etmək xüsusunda şura edib müttəhidül-rəy bu məsələ qəbul olunduqdan sonra bu məruzə ilə qərardadını fövqəzzikr buraya göndərib də düsturül-əməl və məramnamə irsal olmasını xahiş etmişdirsə də, bir aydan ziyadədir, nədən isə bu haladək əsla cavab olmamışdır. Bununla belə yenə də Şamaxı Milli Müsəlman Komitəsi işsiz oturmayıb lazım olan yerlərə nümayəndə göndərmək üçün tez camaatı toplayıb onlar üçün vaxt və hala münasib mühazirələr oxumaq və şəhər əhalisi üçün un və çörək kartoçkası kimi mühüm bir xidməti ifa etmək və sair fövt olması caiz olmayan məsaili-cariyyənin həlli ilə məşğuldur. O cümlədən gələcək payızdan ibtidai məktəblərin birləşməsini nəzərə alıb da Şamaxının özündə və ətrafında olan mütəəllimləri toplayıb onlar üçün türkcə darülmüəllimin kursu açmışdır və orada tədris etmək üçün mütəxəssis zəvatdan M.Mahmudbəyov, Ə.Əminzadə və A.Səhhət cənablarını dəvət etmişlər. Bundan əlavə, Şamaxıya varid olmuş müsəlman tələbələri toplanıb “Müsəlman tələbələrinin bürosu” naminə bir cəmiyyət təşkil etmişlər. Tərtib etdikləri müfəssəl və geniş proqram üzrə hərəkət etmədədirlər. Teatro və müsamirələr verib, varidatından əhalinin bisavadları üçün gecə kursu açmaq kitabçalar təb etdirmək kimi faydalı yerlərə xərc edirlər. O cümlədən şaban ayının axırıncı gecəsi Rza Zaki əfəndinin “Sultan Həmidin xəli” sərlövhəli teatrosunu və Çexovun “Toy” ünvanlı komediyasını mövqeyi-tamaşaya qoymuşdular. Məxarici çıxdıqdan sonra, dörd yüz on səkkiz manat radələrində bir məbləğ vüsul olmuşdur. Və lakin bunların hamısından artıq tələbələrimizin şayani-təqdir fəaliyyətlərindən müfəttinlərin önünü almaq təşəbbüsatında bulunmaqlarıdır. Məlum ki, hər yerdə olduğu kimi, Şamaxıda da müfəttinlər ötədən bəri əfkari-şeytankaranələrini yürüdüb nəşr etməkdən çəkinmirlər. Bununla belə, şükr olsun, tək bir nəfər də olsa yenə dava vəkilimiz möhtərəm Şirinbəy Səfərəlibəyov cənabları müsəlman tələbələri və sair möhtərəm müəllim əfəndilər var qüvvələrilə çalışıb o fitnəkaranə şayeatın vahiyat qəbilindən olduğunu isbat və müsəlmanların həqiqi demokrat olduqlarını bədihiyyatdan olduğunu göstərməkdədirlər. Var olsun ziyalı cavanlarımız! 4 Sabiqdə Şamaxı İcraiyyə Komitəsinin səlahdidiümumisi ilə uyezd komissarlığına təyin olunmuş zabit Azadbəy Qocamanbəyov cənabları bu axır vaxtlarda bəzi əşxasın qərəzi-şəxsiyyələrindən naşi onun haqqında etdikləri taləlisanə görə istefa ərizəsi vermişdi. Hərçəndi ki, iyun ayının birinci gecəsində olan İcraiyyə Komitəsinin cələsəsində həmin məsələ mövqeyi-müzakirəyə qoyulub altı səsə qarşı on səkkiz səs ilə Qocamanbəyov cənablarının istefası qəbul edilməyib, qərarisabiqlə yenə də öz vəzifəsi üzrə baqi qalması qət olundu, lakin həmin altı nəfər ki, onlardan üç nəfər şəhər qarnizon komitəsinin nümayəndəsi olan saldatlardır, dörd nəfər də özlərinə yoldaş tapıb on nəfər imzası ilə iyun ayının onunda İcraiyyə Komitəsinə ərizə verib uyezd komissarının verdiyi istefanı qəbul edib xidmətdən azad edilməsini mütalibə etdilər və onun əvəzinə əgər Şamaxının özündən şayistə bir adam bulunmaz isə, Bakıdan, yaxud Tiflisdən bir komissar dəvət etməyi, yaxud rus, müsəlman, erməni millətinin hərəsindən bir nəfər intixab edib komissarlıq vəzifəsinin həmin üç nəfərə tapşırılmasını təklif etdilər. Ayın 11-də və 12-də üç gecə peydərpey bu məsələ müzakirə olunub, bir çox natiqlər uzun-uzadı nitqlər söyləyib, bəzisi komissarın lehinə və bəzisi onun əleyhinə iradatda bulundular isə də, nəticəpəzir olmadı. Bilaxərə ayın 12-ci gecəsinin cələsəsində tamaşaçılar cümləsindən olan qarnizon saldatlarının bir nəfəri təhdidamiz bir surətdə söylədi: Hərgah İcraiyyə Komitəsinin üzvləri uyezd komissarını əzl etməzsə, o halda qarnizon komitəsinin üzvləri gəlib sizləri buradan qovub işləri öz təsərrüfünə alar. Bu sözə komitə üzvlərindən Saturyan və Səfərəlibəyov cənabları protesto etdilərsə də, yenə də sədri-məclis komissarın əzl və nəsbini həll olunmuş fərz edib də məsələni səsə qoymaq istədi. Həll olunmuş məsələni dübarə bir də səsə qoymağın qanundan kənar olduğunu söylədikdən sonra müsəlman vəkilləri ümumən qalxıb nümayişkaranə bir surətdə şura salonunu tərk etdilər. Sonra neçə maddədən ibarət bir protesto yazıb öz mətalibləri qəbul edilməyincə komitə şurasında iştirak etməyəcəklərini qeyd edib də rəsmən komitəyə göndərdilər. Nəticə nə olacaq sonra ərz olunar. 5 Dövri-hürriyyətin hülulu ilə istər Bakı, istər Şamaxı komitələri tərəfindən peydərpey göndərilən mübəlliğlər geniş Şirvan mahalını dolaşıb, təbliğatda bulunduqdan sonra gördükləri xeyir bu olmuşdur ki, hankı qəsəbədə, hankı kənddə, hankı obada camaatı toplayıb məvaiz və nəsayihdə bulunub, xalqı əmnü asayişə dəvət etmişdilərsə də, eşitdikləri cavab bu olmuşdur: “Əfəndilər, od ilə plov olmaz, yağ ilə düyü gərək. Əmnü asayiş istəyirsiniz isə, ac camaatın dərdinə qalınız; buğda, arpa, un istəyirik, əqəllən darı və ya qarğıdalı unu veriniz də xalqın qarnını doyurunuz. Elə kəndlər var k, altı aydan bəri bir girvənkə un, yaxud bir çetver qənd verilməyibdir. Xalq aclıqdan özünü oda-közə vurur; bacarıqlı bacarıqsızı çapıb talayır. Bunun üçün ciddi tədbirlər, lazımi sərəncamlar etməlidir. Yoxsa təbiidir ki, ac qılınca çapar. Quru sözlərlə heç vaxt əmnü asayiş təmin olunmaz. Nə qədər ki, yaylaqlarda göyərti vardı, xalqın çox hissəsi yemlik, əməköməçi, quşətməgi kimi otlar yeməklə keçinirdilər. İndi ki, otlar qurumuş, ələflər yanmış, sabah-birigün meşələrin də meyvələri tükənər, onda daha ac camaatın öhdəsindən əsla gəlmək olmaz. Təbiidir ki, oğurluq, quldurluq, qətlü qarət get-gedə artacaqdır...” Mübəlliğələrimizin gətirdikləri bu xəbər doğru olduğu qədər də əsəflidir. Zira ki, bədbəxtanə Şamaxı ərzaq komitəsinə quberniya komitəsi tərəfindən komissar təyin olunmuş Atabekyan Şamaxıya gələr-gəlməz sabiqdə az-çox Bakıdan gələn ərzağın da yolunu kəsdi. İki milyon yarım puddan ziyadə Şamaxı uyezdində ğəlləcat mövcud olduğuna dair bir əsassız məruzə yazmış və quberniya ərzaq komitəsinə məlumat vermiş. Lakin bu tərəfdən gündən-günə ərzaq həddən ziyadə bahalanır. Buğdanın tağarı dörd yüz əlli manata tapılmır. Unun batmanı on iki manata, adı var, özü yoxdur. Ac əhali hər gün dəstə-dəstə toplanıb, istər ərzaq komitəsinin, istər şəhər idarəsinin qarşısında yardım istəyirlər. Bakıya teleqraflar, ərzi-hallar gedirsə də, faydabəxş olmur. Zira ki, Atabekyanın məruzəsindən kimsənin xəbəri yox. Bərəkət versin ki, saldatlar komitəsi tərəfindən Bakıya məmur edilmiş Nekrasov cənabları Atabekyanın hədyan məruzəsindən müttəle olmuş da gəlib Şamaxı şəhər nümayəndələrini keyfiyyətdən xəbərdar etmiş; sonra bunun çarəsini artırmaq üçün Bakıya neçə nəfər vəkil intixab edilib göndərilmişsə də, bu hala qədər hələ o mürəxxəsilərin də getməsindən bir fayda hasil olmamışdır. Odur ki, kəndlilərin dedikləri nəticəpəzir olmuş. Ac qurd kimi camaat bir-birinin canına soxaşmış, bahalığın şiddətindən əllialtmış manata xidmət edən milis atlılarının əksəri xidmətlərindən istefa vermişlər. Zemski puldan, ya qeyri mənbədən onların məvacibini artırmaq üçün məxəz yox. Bu barədə dəfəatla qubernatora və Tiflis Komissariatına yazılmışsa da, sədrə şəfa verəsi sərəncam olmamış. Zəbtiyyə məmurları da kifayət dərəcə olmadığından soyğunçuluq, quldurluq get-gedə artır. Bir neçə gün bundan müqəddəm Bakı ilə Şamaxı arasında bir furqon arabası soyulmuşdu. Sərnişinlər cümləsindən olan ismətli müsəlman xanımlarının hətta əlbisəsini və yemək üçün götürdükləri çörəyi belə yəğma etmişdilər. Şamaxı uyezd komissarı Qocamanbəyov cənabları öz müavini Xankişi bəy Qafarov cənablarını quldurları tutmaq və yəğmaya getmiş əşyanı istirdad üçün təyin etmişdi. Qafarov cənabları bəzi məlumat cəm etdikdən sonra həmin soyulmuş şəxsi özü ilə bərabər aparıb Kürdəmir mahalında Muradlı kəndində sui-zənn olunan əşxası səfə qoymuş, soyulmuş şəxs qarətgirləri bircə-bircə tanımış, fövrən onlar həbs olunmaqla bərabər, yəğmaya getmiş əşyalar da istirdad olunmuşdur. Hərçənd ki, Qafarov cənablarının bu kiyasət və ləyaqəti şayani-təhsindir, lakin mərəzin əsl əlacı bununla olmaz. Əmnü asayişi təmin etməkdən ötəri ərzaq məsələsinin asanlıqla həll olunması qeydində olmaq gərəkdir. 6 Şamaxıda biz çəkilməz bir dərdə məruz qalmışıq ki, o da aclıq bəlasıdır. Qəhətlik Şamaxı şəhərinə və ətrafına o dərəcəyə yetişmiş ki, buğdanın putu altmış manata, arpanın putu qırx manata satılmaqdadır. Fəqət mülahizə buyurulsun, yovmiyyə beş-on manat qazanc ilə güzəran edən bir fəqir ailəsini nə növ ilə iaşə edə bilər? Halbuki bu qiymətə olan məkulat asanlıqla dürüst olmur. Fəqirlər deyil, hətta zənginlər də istədiyi halda lazımi miqdarda un, buğda tapıb almaqdan aciz qalmışlar. Məlbusatın qiymətinin nə dərəcəyə çıxmasını göstərmək üçün yalnız bu kifayət edər ki, acından ölmüş bir fəqirin kəfəni yetmiş-həştad rübləyə tamam olur, – desəm qətiyyən mübaliğəsiz və iğraqsızdır. Hər kəs öz-özlüyündə o qədər dərd-qəmə, o qədər bəla və möhnətə giriftar olmuşdur ki, qonşunun qonşudan əsla xəbəri yoxdur. Acından ölmüş bir qonşunun ölümündən ən yaxın bir qonşusu ancaq üç gündən sonra xəbərdar ola bilir. Odur ki, əsəbilikdən çıldırmaq dərəcəsinə yetişmiş əhali gah ərzaq komitəsinə, gah koopretaiv dükanlarına hücumavər olub öz intixabkərdələri olan məmurları söymək və urmaq ilə min növ rüsvayçılıqlar törədirlər. Lakin bu da yenə səhldir, buna da təhəmmül etmək olar. Fəqət bunların hamısından bədtəri provokatorluq bəlasıdır ki, onunla mübarizə etmək hər şeydən müşküldür. Onun əlindən təxlisi-giriban etmək bir əmri-məhal kimi görünür. Qafqasiyanın qeyri-şəhərlərində, bərəkət versin, müqtədir camaat xadimləri, fəal demokratiya firqələri mövcud olduğundan provokatorluğun qabağını ala bilirlər. Lakin bizim bədbəxt Şamaxımızda nə karaşina millət başçıları, nə həvəskar fəhlə firqələri var ki, o mənhus provokatorluğun önünü ala bilsinlər. Zavallı müsəlmanlar bir neçə sərsəri qasiblərin əlində baziçə qalmışlar. Provokatorlar müfsideyi-şeytənətkaranələrindən bir an olsun qəflət etmirlər. Biçarə müsəlmanların özlərinə növbənöv iftira və böhtanlar yağdırmaqdan çəkinmirlər, “müsəlmanlar silahlanır” – deyə saldatları iqna etmişlər, inandırmışlar. Binaənileyh bu günlərdə saldatlar öz aralarında bir nəfər nümayəndə intixab edib Tiflisə göndərmişdilər ki, qüvveyi-imdadiyyə alıb Şamaxıya gətirsin və bununla bəra-bər yenə də öz şuralarında qərar qoymuşlar ki, şəhəri əlli altı hissəyə bölüb bir gündə müəyyən saatda qəflətən haman təqsim edilmiş məlum hissələrdə ümumi axtarış icra etsinlər. Hankı evdə silah və ərzaq, məmulat və məlbusat buldularsa, fövrən həcza etsinlər. Bunun da nəticəsi nə olduğu məlumdur. İştə qara ürəkli provokatorların da istədiyi budur. Dövri-mənhusi-istibdadda məsuniyyəti-şəxsiyyətdən məhrum edilmiş biçarə müsəlmanlar cümhuriyyət bayrağı daşıyan indiki Rusiyada yenə də o bəlayə mübtəladırlar. Adlarını hamısı xalq, inqilab tərəfdarı qoyan yoldaşlar nədənsə acından ölən xalqın dərdinə qalmayıb, bu gün onlara qəyyum olmaq istəyirlər. 1917 Jan Ramo Nəğmeyi-ordbehişt Çün gördüm olub alma ağacları çiçəkli, Sordum, niyə olduz, əcəba, böylə bəzəkli? Ey alma ağacları, nədir sizdə bu halət? Eylər bu gümüş əlləriniz vəcdə dəlalət. Siz ki, daha dün peykəri üryan idiz axır, Pəjmürdəvü məcruhü pərişan idiz axır, İndi bəzənib şux çiçəklərlə təmamız, Aya, bu bəzəkdən nə olub qəsdi-məramız? Nagah o ağaclar necə qısqancü həyalı – Hal ilə mənə eylədilər hali o halı, Avüx, dedilər: sevgili dildarını gördük, Ağ, nazik olan əllər ilən yarını gördük. Biz də ararıq olmaq elə əllərə malik, Olduq o səbəbdən o gedən məsləkə salik. Nili-fələkə söylədim: ey saf səmalar, Firuzeyi-xoşrəng ilə şəffaf səmalar, Dün giryəli əbr ilə var idiz hamı məstur, İndi nədi bais ki, olubsuz belə məsrur? Avüx, dedilər: eşqdə, ey yari-müvafiq, Biz sevgilinin gözlərinə olmuşuq aşiq. Ol çeşmi-səmaini görüb eylədik ahəng, Ta kim, olaq ol rəngi-dilara ilə həmrəng. Xakə dedim: ey gülşəni-nüzhətgəhi-üşşaq, Ey guşeyi-meyxanəsi xəlvətgəhi-üşşaq, Səndən ki, gəlir zahirə min-min gülü gülşən, Gördükdə neçün ağladıyorsan məni bəs sən? Torpaq dedi: ey aşiqi-biçarə, fəğan et! Qan ağla, gözündən ciyərin qanı rəvan et! Zira, o gözəl gözləri, ol çeşmi-xumarı, Ol nazik, o ağ əlləri, ol qəmzəli yarı – Sən kim, bu gün istərsən onu ruhi-rəvan tək, Bir gün çəkərəm mən onu ağuşuma can tək: Bu halı salıb yadına, ey bixəbər, ağla, Səhhət kimi gəl naləyə, şamü səhər ağla. 1905 İ.A.Krılov Zəhmətkeş ayı Gördü ayı kəndli çəkir zəhməti, Var əcəb asudə, asan sənəti. Əymə əyər, mənfəət ilə satar, Pul qazanar, yaxşı qazanca çatar. Düşdü onun da həvəsi bu işə, Fikr elədi: “Yaxşıca tapdım peşə”. Getdi meşə içrə odun qırmağa, Şah-budağı başladı sındırmağa. Hansı birin basdı, əyə bir təhər, Sındı ağac, zəhməti oldu hədər. Gəzdi, dolandı meşəni hər tərəf, Xeyli ağac sındırıb etdi tələf. Gördü ki, heç əymə əyə bilməyir, Sonra gedib kəndliyə böylə deyir: – Bir işim, ay qonşu, düşübdür sənə, Sən tarı, qandır səbəbin bir mənə. Mən meşədə xeyli ağac qırmışam, İstəmişəm əyməyə, sındırmışam. Söylə, bunun bircə nədir illəti, Mən nə üçün bilmədim ol sənəti? Kəndli dedi: – Vəchi budur, müxtəsər, Səndə o şeydən əbədən yox əsər. Səbrü bilikdir bu işin hikməti, Sən bacara bilməsən ol sənəti. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.