Pyeslər Abbas Səhhət (1874–1918) Neft fontanı Məclisəhli Bəybala – qarasaqqal, Avropa səbkində geyinmiş upravlyayuşşi, 30 yaşında ƏhmədMəmməd – vışka sahibi. 50 yaşında Mirzə fəhlələr Şafaqat } ƏliŞəfi – prikazçik, 25 yaşında Xansənəm – Mirzənin anası. 40 yaşında Əvvəlinci pərdə Məclis vaqe olur Balaxanı kəndində. Sol tərəfdə qapılar. Yazı stolu, altında zənbil, üstündə kağız, qələm, mürəkkəbqabı, şotka, bir telefon aparatı, bir də Balaxanı nəqşəsi və bir neçə stul Birinci gəliş Bəybala (yalqız gəzir). Parijin vıstavkasında bizim bu dağılmış Balaxanı elə yaxşı görünür ki, daha nə deyəsən! O vaxtda ürəyimdə qoydum ki, haçan Bakıya getsəm, hər növ ilə olsa Balaxanıda özümə bir qulluq tapım. Elə də oldu, iş rast gətirdi, qulluq da tapdım. İndi bu Balaxanı... Qara neftin, palçığın, tüstünün, hisin-pasın içində adam necə yaşasın? Çox da adam upravlyayuşşidir. Özüm də mat qalmışam ki, nə üçün bu adı mənə quyruq bağlayırlar (Təəccüblə). Upravlyayuşşi! Doğrusu, şəhər kontorlarının lap alçaq nökəri bizdən yaxşı dolanır. Bunlar keçər gedər, hamısından bədtər odur ki, gündə bir dəfə kontorçu gəlib deyir: “Bu nədir? Bu qədər də piy işlənər? Piy yeyirsiniz nədir?”. Çarə nədir, nə etməli? Haqq-nahaq hirsini saxlayırsan, işi salırsan zarafata, deyirsən: “A canım, a gözüm, biz siçan deyilik piy yeyək”. Bir dəqiqə də rahatlığımız, dincliyimiz yoxdur. İstəyirsən bir kitab oxumağa, bir də görürsən mirzələr, fəhlələr: Ağa, jalonka düşdü quyunun içinə. Ağa, paravoyun topqası şişib. Ağa, ocaq karastıları sındırdı, saldı quyunun içinə. Bu vaxt bir səs. İkinci gəliş Əli Şəfi gəlir Əli Şəfi (təəccüblə). Bu nə səsdir? Bəybala. Ay oğlan, bayırdan sən gəlirsən, məndən niyə soruşursan? Əli Şəfi. Mən elə bilirəm buradan gəlir (Əli Şəfi gedir). Bəybala (yalqız), Hə, bu da mənim prikazçikim (başını silkələyir). Üçüncü gəliş Mirzə ara qapıdan gəlir və dayanır Mirzə. Cənab upravlyayuşşi, qorxma, bu gurultu fontanın piltəsinin səsidir. Arabanın içindən yerə salanda səs elədi. Bəybala. Ay sağ olasan, ay olasan sağ. Mirzə. Ağa, mən Saqi deyiləm, mən Mirzəyəm. Saqi mənim atamın qardaşının bibisi nəvəsinin oğludur. İndi burada deyil, kəndə gedib. Bəybala. Yaxşı, çox yaxşı, daha bəsdir, uzun müşərrəf eləmə, get Əli Şəfiyə de arabaçının pulunu versin, yola salsın. Mirzə. Baş üstə (bu vaxt telefon zəng vurur). Telefon izvon eləyir, ağa! Bəybala. Yaxşı, görürsən ki, telefonun səsin mən eşidirəm (özözünə). Burada gərək mən türkcə danışmağı da yaddan çıxardım. Gərək rusca danışaq, yavaş-yavaş gərək tat dilini də öyrənəm. Bir də bu yazıqlar türk dili bilmirlər ki. Nə etməli? (Mirzəyə) Hə, niyə dayanmısan, Mirzə? Yenə bir dərdin var yoxsa? Mirzə. Ağa upravlyayuşşi! Əgər o çetvorti nomer fontan eləsə, mənim donluğumu artırarsanmı, ya yox? Bəybala. Necə yox, əlbəttə artıracağam. Hə, sonra daha nə qulluğun var? Axır sənə söz dedim, getsənə işinə (Yenə telefon zəng vurur). Mirzə. Heç nə, telefon izvonit eləyir. Bəybala. Eşidirəm, canım, get daha. Mirzə çıxır Dördüncü gəliş Əli Şəfi gəlir Bəybala (gəlir telefonu götürür, qulağına tutub danışır). Promısla qospodina Mamedova. Hə, mənəm Bəybala. Salam əleyküm, sabahınız xeyir, cənab Əhməd ağa. Dördüncü nömrə böyük ümid verir. Fontan gözləyirik. Beşinci nömrədə də işimiz çox yaxşıdır. Dünəndən bəri orada balta sınıb qalıbdır. Bəli, çoxdan tutmuşuq, çəkirik, iki düyüm gəlib. İkincidən jalonkanı çıxarmışıq. Gecəni səhər olunca çalışmışıq, amma o şoğərib balta çıxmadı, qaldı quyunun içində. Amma zərər yoxdur, yenə çıxardarıq (bir az daha diqqətlə dinləyir). Necə? Qonşunun paxıllıqdan lap bağrı çatlayır (burnunun altında mırıldayır). Onlar da yüz əlli səkkiz sajındadırlar. Mənim qorxum ondadır ki, olmaya bizimki ilə onlarınkı da eyni mənbədən, bir gözdən olmuş ola. Sonra bizim neft də oradan gedə Arxayın olun. Necə ki, bir parça qəndin üstünə milçək qonar, o cür də fəhlələr dördüncü nömrənin üstündə işləyirlər. Daha necə ola bilər ki, adamı da çox eləyək, xərc də az olsun (otboy verir). Başınıza nə gəlsin, sizin... nə deyim?! Sözümü ağzımda yarımçıq qoydu getdi (saata baxır). Saat üçdür, hələ mən dincəlməmişəm. Hə, nə var, Əli Şəfi? Əli Şəfi. Fontanın qapağını götürdüm. Bəybala. Sonra? Əli Şəfi. Mən istəyirəm bir söz demək. Bəybala. Oho! Demək? (tərəfə). Yaxşı danışır. Buyur, de görüm, mən də istəyirəm qulaq asmaq (tərəfə). Dinləmək yerinə qulaq asmaq (qulağını tutur). Əli Şəfi. Deyirəm ki, axır biz də adamıq, adam balasıyıq, bir yemək-içməyə də macalımız yoxdur. Arvad yox, uşaq yox, ana yox, bacı yox... təvəqqe eləyirəm ki, bizim üçün də bir vaxt qoyasınız ki, haçaq yeyək, haçaq içək. Bəybala. Pəki, çox gözəl sözdür. Get, əzizim, nə vaxt yemək istəyirsən ye, nə vaxt içmək istəyirsən iç. Əli Şəfi. Necə buyurdun, anlamadım? Bəybala. Bilirəm o sənin az ağlın ilə bu müşkül fəlsəfəni anlamazsan. Əli Şəfi. Elədir. Bəybala (özü-özü ilə tərəfə). Yəni ki, anladı. Başqa qulluq. Əli Şəfi. Başqa şey yoxdur. Mən istəyirəm çıxım. Bəybala. Nə üçün? Əli Şəfi. Donluğum azdır. Odur indi fantal olacaq, sən mənim donluğumu artırmırsan. Doğrusu, mən bu donluq ilə dayanmaram. Bəybala. Qardaş, hələ heç-zad yoxdur, indidən ayaqlarınızı yuxarı nərdibana qoymusunuz. A yazıq, hara gedəcəksiniz? Kim sənə artıq verəcək? Əli Şəfi. Mobilə. Bəybala. Kim? Əli Səfi. Mobil! Mobil! Üç il onun yanında da dayanmışam. Bəybala. Ay üzün ağ olsun. Hələ üç il yanında olmusan, adını bilmirsən. Əli Şəfi. Elədir də... Bəybala. Budur, sözün cavabında da belə deyirsən. Amma onu unutmusan ki, onların yanında gərək rusca yazı-pozu biləsən. Əli Şəfi. Necə ki, bilmirəm. Əlbəttə bilirəm. Hələ ondan başqa yenə qeyri yerlərdə də xidmət etmişəm. Bəybala. Söylə görüm daha harda qulluq etmisən? Əli Şəfi. Çorni Qorodun pristavının yanında. Onun lap gözünün işığı idim. Bəybala. De görüm, bu yalanları özündən qayırırsan, yoxsa öyrənmişsən? Əli Şəfi. İncimalın yanında, Pantalyon həkiminin yanında, vallah, billah. Bəybala. Pantalyon kimdir? Əli Şəfi. Nə bilim, bir böyükdür (bir az dayanır). İndi nə deyirsən? Odur, şükür Allaha ki, indi fontandır. Mənsiz nə qayıracaqsınız? Bəybala. Əlbəttə, sənsiz böyük iş olmaz. Əli Şəfi. Bəs!.. Bəybala. De görüm, rusca bilirsənmi? Əli Şəfi. Necə bilmirəm (cibindən kağız çıxardır). Budur proşinə yazmışam. Bəybala. Görüm (alır, baxır). Oho! Ərizədir! Əli Şəfi. Yox, proşinadır. Bəybala. Təfavütü yoxdur, birdir (oxuyur). Eyo Beloqorodu qaspada Mobil, Əli Şəfi Qurbanovdan proşinyadır. Vot moy xətt (Bəybala gülür). Pojalyusta mine piranmit izdelay, mən jalovanı petsat rubli mesyasti, maya imeet prikaşçik, izdanşik pserona. Bəybala. Ay oğul, sən bu dili harada öyrənmisən? Əli Şəfi. Bizim məktəbdə. Bəybala. Çox yaxşı, mən bunu göndərərəm bizim qəzetlərə. Əli Şəfi. Hələ bu çornavoydur. Bəlkə bunun billavarın da görəsən. Bəybala. Bu da yaxşıdır. Bircə get bizim nəccar İrəfi çağır bura. Əli Şəfi. Ağa, mən İrəfi necə çağırım? İrəfin ki, canı yoxdur. Bəybala. Sən hansı İrəfi deyirsən? Ada, mən dülgər İrəfi deyirəm ey... Əli Şəfi. Elə mən də dülgər qayıran irəfi deyirəm də. Bəybala. Ada, mən deyən müsəlmandır ey... Əli Şəfi. Ay ağa, irəfə evlərdə kasa, boşqab düzərlər. Bəybala. A canım, sən məni lap darıxdırdın, get bizim qonşu bazardakı dülgəri çağır. Əli Şəfi. O tiryəki dülgəri deyirsən? O ki arağının vaxtı gələndə səkran it kimi əsir, onu deyirsən? Bəybala. Hə, onu deyirəm. Adı İrəf deyil, bəs nədir? Amma bizlərdə də qəribə-qəribə adlar var ha... İrəf, Taxta-boxça, Ağabala, Ağababa, Durduqulu, Balaqulu... Əli Şəfi. Nə qayıraq, biz qoymamışıq ki, mama qoyan addır. Biz oxuyanda qoyuruq Ayı Xəlil, Eşşək Qəni, Qoyun Həsən, nə bilim. Hə, İrəf, odur vışqanın üstündə kəlləçarx qoyur. Sənin başın üçün, Mobilin prikaşçiki gördü, lap məətəl qaldı, düz getdi. Mən iki manat da söz vermişəm ki, artıq verim. Bəybala. Ay çox sağ ol! Həmişə mənim tərəfimi saxla. Mən deyənə əməl eləsən, axırda adam olarsan. İndi mən gedim, bir az dincəlim. Əgər gəlib soruşan olsa, deyərsən iş üstünə getdi. Bəybala gedir Beşinci gəliş Əli Şəfi (yalnız). Hə, dərə xəlvət, tülkü bəy. O bəy də mənəm (Oturur upravlyayuşşinin yerində. Bir qələm də götürür, elə göstərir ki, yazır.) Amma bu upravlyayuşşi kimi adam yoxdur. Doğrudur, dili bir az ziyadə acıdır, amma ürəyi safdır. Ax, bir o dördüncü nömrə fontan eləsin, donluğum qırx manat olsun, day heç dərdim olmaz. Ay köpək oğlunun qələmi (cızır). Biz də upravlyayuşşi olaq, burda oturaq. Amma necə upravlyayuşşi olaram. Buyuraram, basaram, kəsərəm, qışqıraram, çığıraram, onu-bunu söyərəm, uşaqların hamısını qamçının altına salaram, biyara apararam (qorxaraq). A, birdən sonra məni atarlar ha!.. (o vaxt telefon zəngi çalınır). Nə olaydı bu zəngi vuran xozeyin olaydı. Ona bir para sözlər xəbər verərdim, olardım gözünün işığı. Sonra bu upravlyayuşini alardım ovcumun içinə, mum kimi yumşaldardım (təməllüqanə bir halət ilə danışır). Ağa, sənsən? İxto aparat, ixto? Hi, ağa! Ağa, sizsiniz? Odur yatıb, nə blim? Bir-iki saat olar ki, yatıb. Elədir, doğrudur, həmişə oturur, telefon ilə danışır, yenə də yıxılır yatır. Sənin heç xəbərin yoxdur, əgər biz olmayaq, buranı o Allah haqqı lap talan elər. Nə? Kim? Kimsən? Eşşək sənin ağandır (öz-özünə). Mən də elə bildim ki, ağadır... İtil, cəhənnəm ol, qırışmal!.. Ada, bəlkə xozeyin imiş? Hər nə isə, keçər gedər. Yalan-palan birtəhər düzəldərik (oturur Bəybalanın yerində). Altıncı gəliş Şafaqat gəlir, qapını bərk açır və papaqla daxil olur Şafaqat. Ağa, sabahın xeyir. Əli Şəfi. Pəhə, qorxdum ki, evi dağılmışın oğlu! Çort iznayet (əlini şalvar cibinə qoyur və təkəbbürlə danışır). Papağını götür, qapını ört (özünə gülür). Şafaqat. Bağışlayasınız, mən upravlayuşşini istəyirəm. Əli Şəfi. Sənin ilə danışandır. Yəni ki, biz oluruq. Nə ərzin var? De! Şafaqat (iki əlini döşünə qoyub baş vurur). Salam əleyküm (bir də baş vurur). Salam əleyküm. Əli Şəfi. Ay əleykəssəlam. Maşallah, mərifətli oğlan, görünür ki, girib-çıxan adama oxşayırsan. Şafaqat. Ağa, eşitmişəm fontanınız var, mənə bir yer verin. Əli Şəfi. Görüm əlindən nə gəlir, ha, de görüm? Şafaqat. Sükançı. Əli Şəfi. İznaçit tartançik. Odur ki, yəni müsürman dili ilə neft çıxardançı (durur gəzir). Xərcin səndən jalovnanı nə qədər pazdravit eyləyək? Şafaqat. Bir ay işləyim, görərsiniz də... Əli Şəfi. Elə isə, mərifətli danışırsan. Şafaqat. Mən də qədirbilən adamın yanında qulluq etmək istəyirəm. Əli Şəfi. O halda yaxşı nəqşin gətirdi. Hə, söylə görüm, yeddi eşşəyin arpasın bölə bilərsənmi? Şafaqat. Niyə bilmirəm (Əli Şəfi qələm götürür, bir şey yazır). Əli Şəfi. Adın nədir? Şafaqat. Nökərin Şafaqat. Əli Şəfi. Familyan nədir? Şafaqat. Qanpanof. Əli Şəfi. Hə, indi bildim. Atana rəhmət, düzəldi. Sizin kəndinizdə molla var? (yenə yazır). Şafaqat. Hə, əlbət ki... Əli Şəfi. Axı, milıy moy, mən bir yazan, pozan adamam. Amma Şafaqat Qanpanof musurman adı heç tatın kitabında da görməmişəm. Musurmanın adı olar: Böyükağa, Əlibaba, Məşhədi Tarqulu, Kərbəlayı Sijimqulu, yoxsa Şafaqat? Şafaqat (onun sözünü kəsir). Ada, novxanılı Xancanın oğlu Əli Şəfi, nə uzun danışırsan? Elə bilirsən səni tanımıram? Dabbaxanada gönünü də tanıyıram. Daha uzun müşərrəf eləmə. Al bu iki manatı, upravlyayuşşiyə de, mənə bir yer versin. Əli Şəfi (tərəfə). Oldu, qurtardı. Şafaqat (verir). Al, sox gözünə (Şafaqat gedir). Yeddinci gəliş Əli Şəfi. Gördünüz, nə cüvəllağı adam idi? Amma fontan ki, yavuqlaşıb, gəlirim artır ha... (akoşkadan qalxıb bağırır). Mirzə, Mirzə, Mirzə... Mirzə (xaricdən). Nə deyirsən? Əli Şəfi. Ada, mənim o qoltuq bayazımı gətir bura, Mirzəcanın nimdərinin altındadır. Mirzə (yenə xaricdən). Nə üçün? Nökərinəm? İt hambalı deyiləm ki... Əli Şəfi. Ada, gözümə yaxşı bax, məni tanıyırsanmı? Bunun ağzına-burnuna bax... Mirzə (yenə xaricdən). Nə üçün? Nökərinəm? İt hambalı deyiləm ki... Əli Şəfi. Ada. Gözümə yaxşı bax, məni tanıyırsanmı? Bunun ağzına-burnuna bax... Mirzə (yenə xaricdən). Hə, daha bəsdir, az danış. Əli Şəfi (öz-özünə). Canım, bizim bu müsürmanın işi lap təəccüblüdür. Bunlar bir-birinin ayağını çəkməyə, pisliyini istəməyə lap həvəs edirlər. Acından ölürdü, gətirdim vedrəçiliyə qoydum, indi məni də bəyənmir. Az qalır ki, lovğalığından partlasın. Soruşsanız ki, nə qədər rüşvət aldın? Heç nə, vur-tut (barmağı ilə göstərir) iki abbası. Səkkizinci gəliş Əli Şəfi və Mirzə Mirzə ortalıq qapıdan gəlir və iki kitab verir Mirzə. Mirzəcanın nimdərinin altında imiş, yoxdur, bunları da çəlləyin üstündən götürdüm. Əli Şəfi. Ay evi dağılmış, bu bayazdır? Bu ki, Tarıverdinin qəzəl kitabıdır (oxuyur). Ay dalay, dalay, dalay... Yüz fikrü xəyal eyləyirəm, könlüm açılmır, Qüssə məhü sal eyləyirəm, könlüm açılmır. Mirzə. Niyə könlün açılmır? Budur, dördüncü nömrə fontan eləyir, onda ürəyin açılar. İndidən hələ bir nəfər müsürman mənə ayda beş manat verir ki, onun kanalına neft buraxım. Əli Şəfi. Oho! Olmaya ki, mənsiz iş tutasan ha! (sonra o biri kitaba baxır). Oho! Bu nədir, Krılovun basnılarıdır. Mirzə. Bilmirəm nədir, mən oxumamışam. Əli Şəfi. Odur oxumamısan ki, bu günə qalmısan da. Mirzə. Sən ki, oxumuşsan, görürük elə vərəzən günə çıxmısan. Əli Şəfi. Anlamırsan, sənə nə deyim (“Kvartet” basniyasını oxuyub yarı rus, yarı Azərbaycan dilində izah edir). Mirzə. Nə uzun qulağımızı dəng elədin, söylə görək nə deyir o? Əli Şəfi. Deyir ki: Nadinc meymun, eşşək, keçi tapdılar – Bir ayını kvartet çalmağa. Mirzə (onun sözünü kəsir və təməsxüranə). Puf... puf.. Hayıf deyil bizim Kəllədəmənə kitabı?!.. Hə, yaxşı, yaxşı. Bizim upravlyayuşşi nərdivana mərdivən deyir a. Əli Şəfi. Pəh, sən onu deyirsən, xəbərin yoxdur, dülgər İrəfə də nəccar deyir (gülürlər). Aha, birdən Bəybala eşidər ha? Mirzə. Bir də de görüm nə deyir? Əli Şəfi. A heyvan, bizi biabır edərsən, çıx burdan, cəhənnəm ol! Mirzə. Oho, oho. Oho! Əli Şəfi. Tərs sillə gələr ha! Çıx burdan, çıx! Mirzə. Yavaş, yavaş! Oho, oho! Əli Şəfi. Məni tanıyırsanmı? Gözünü sil, məni əməlli tanı! Mirzə. Necə məgər, yoxsa moğrusan, qalabəyisən? Nə çıx-çıx deyirsən? Havayı gəlməmişəm ki! İki abbası sağ olsun, iki abbası. Əli Şəfi. Eh, sənin iki abbasın başına dəysin. Al itil, açıl başımdan! İkisi də gedirlər Doqquzuncu gəliş Bəybala (gəlir) Bu nə səs idi, qoymadılar bir az yatım, dincəlim. Əli Şəfi görəsən hansı cəhənnəmə getdi. Amma mən bunun xatırını çox istəyirəm! Yaxşı qulluqbaz, vəfalı adamdır. Məmmədovun yanında məni tərif edə-edə lap göyə çıxardıb. Xansənəm (daxil olur) Bəybala sənsən? Bəybala. Bəli, bacı, mənəm. Nə qulluğunuz var? Xansənəm (gəlir lap Bəybalanın üzünə baxır və saqqalından yapışır). A saqqalın ağarsın, bu mənim uşağımı nə üçün çıxartmısan? Bəybala (öz-özünə). Nataraz arvaddır ha! Heç xarrat bazarından keçməyib (Xansənəmə xitabən). Sənin uşağın kimdir, bacı? Xansənəm. Kim olacaq, Mirzə! Bəybala. Nə Mirzə? Xansənəm. İki il idi burda qulluqda idi. Dünən bir, bu gün iki, gəldin-gəlmədin uşaqcığımı çıxartdın, qoydun avara. Sənə nə yamanlıq etmişdi? Fayda verməz, təzə gəlmisən axı... təhər-törünə bax bunun... Adamaoxşamaz (barmağı ilə hədələyir). Budur mən gedirəm şəhərə, uşağımı göndərəcəyəm gəlsin. Bəybala (öz-özünə). Biz də deyirik ki, müsəlman arvadlarında qoçaqlıq yoxdur (Xansənəmə xitabən). A bacı, buyurursan, yoxsa xahiş edirsən? Xansənəm. Əlbəttə, xahiş edirəm, təvəqqe edirəm, Bəybala ağa! Dediyim budur ki, birtəhər yola gedin. Biz də, axır, müsəlmanıq, adamıq, qərib ölkədən gəlmişik, özgənin yanında üzümüzün suyu tökülməsin. Biz də, axır, bir ocağıq! Yoxsa məni tanımırsan? Mən Kərbəlayı Məşədi Hacının uşaqlarının anasıyam. Keçən il qaban ovuna gedəndə ovda öldü. Daş düşsün fələyin başına. Yoxsa, mən hara, Balaxanı hara? Ağdam mahalı hara, bura hara? Bəybala. Eybi yoxdur, de gəlsin, Allah qoysa fontanlarımız atar, bir işə qoyarıq. Xansənəm. Çox sağ olasan. Allah sənə ömür versin (stolun üstünə bir cüt corab qoyub deyir). Bu da sənin peşkəşin. Əli Şəfi (gəlir). Ağa, qanatı gətirdilər, amma yaxşı deyil, çürümüşdür. Özünüz baxsanız yaxşı olar. Bəybala gedir Onuncu gəliş Xansənəm (öz-özünə). Ay oğlan, bu Bəybala Tükəzban Xanbacının bacısı oğlu deyil, yoxsa Tubunisanın qardaşı oğludur? (Əli Şəfi bunu görmür, gəlir telefonun yanına zəng vurur). Buy, bismillah, bu nədir? (Yenə zəng vurulur). Ay balam, bu şeytandır, nədir (Yenə zəng vurulur). Vay dədəm sənə qurban (Əli Şəfi buna baxır, Xansənəm qorxur, gedir, onun yanında durur). Əli Şəfi. Ay bacı, niyə belə gizlənirsən? Xansənəm. Allah amandır, bu şeytandır, nədir? A balam, əgər müsəlmansan, Allah xatirinə, daha məni qorxutma. Danış görək sözün nədir? Əli Şəfi. Ay bacı, şeytan kimdir? Xansənəm. A balam, ödümü qusdum ki, bir danış görək nə təhər adamsan? Əli Şəfi. Kim ilə danışırsan, ay arvad? (gülür). Ha, ha, ha... bah, telefona deyirsən. Adam da balaca zəngdən qorxar? Qorxma, bacı, qorxma. Bu bir məzəli maşındır, gəl göstərim, bir gör bu nə cür şeydir. Xansənəm. Yox, qorxuram, a bala. Əli Şəfi. A bacı, “siyiredenite” eliyənlər hamısı arvaddır. Nədəndir sən qorxursan, olar yox? Yaxın gəl, bax, gedərsən kənddə söhbət elərsən, hamı mat qalar. Bir bax, gör bunun içində ildırım var? Xansənəm. Yox, mən qorxuram, istəmirəm. Əli Şəfi. A bacım, mən yekəlikdə kişi sənin yanında, niyə qorxursan, nədən qorxursan? Mən budur zəngi vururam (zəngi vurur). Madmozel deyir, yəni arvad deyir (arvad səsi ilə) sentralnı. Mən deyəcəyəm siyirdenete pojalusta kislotnı rağoto Frakul Hurviç Birnataqov. İndi hazırdır. Zəngi vurdum, danışacaqlar. Xansənəm. Siz axı rus dili ilə danışırsınız, mən ki, bilmirəm. Əli Şəfi. Axı sənin xəbərin yoxdur. İstəyirsən lap moltanı dili ilə danışım. Bir bax (danışır). İxto aparat? Zırpı sənsən? Qorağsanmı? İzdes adin qarabaqski madam yest, danışmaq istəyirsənmi? (Xansənəmə deyir). Gəl, götür, qulağına tut, həm eşit, həm danış. Xansənəm (danışır). Kimsən? Xansənəm? Nə deyirsən? (telefonu atır). Ala, ala! Vuy, lova düşəsiniz! Külüm onun başına!.. Əli Şəfi (gülür). A bacı, nə dedi? Xansənəm. Heç nə, külüm onun başına! On birinci gəliş Əli Şəfi, Xansənəm. Məmmədov orta qapıdan gəlir Məmmədov. Bu kimdir? (Əli Şəfi qorxur). Əli Şəfi. Anamdır, bibimdir (sonra). Mirzənin bacısıdır, İbadın xalasıdır... Məmmədov. Hə, dörd adamsınızmış. Bəs o biriləri hanı? Əli Şəfi (yavaşca Xansənəmə). İşin varsa de (Əli Şəfi gedir). Məmmədov (Xansənəmdən soruşur). Ay arvad, ərin burda işləyir? Xansənəm (Başını silkələyir). Məmmədov. Oğlun burda işləyir? Xansənəm (Başı ilə “hə” deyir). Məmmədov. Neçə oğlun var? Xansənəm (Barmağı ilə göstərir 5 və gedir. Telefonun zəngi vurulur. Məmmədov yaxın gəlir və danışır). Məmmədov. Kimsən? Əli Şəfi? Nə deyirsən? Nə madam? İtil telefondan, haramzada! Bir də bizim promısla ilə danışma. Sən də axmaqsan, Əli Şəfi də (yenə dinləyir). Sənə deyirəm kəs səsini! (telefonu qoyur yerə). Siz allah, heç mürvətdir, insafdır, bunu Allah götürərmi? İşi qoyublar, gör telefon ilə nə biclik, haramzadalıq çıxardırlar. Mənə də deyirlər ki, fontan var, fontan var. Mən də şəhərdən faytona minib yorta-yorta gəlmişəm, görüm nə var? Heç zad! Bir ətək pul tökmüşəm. Bunlara bax, burada kart oynayırlar. Gecə yatdıqları bəs deyil, gündüz də yatırlar. Nə böyük, nə kiçik. Mən də deyirəm özlüyümdə fontanım var, fontanım. On ikinci gəliş Bəybala, Əli Şəfi, Məmmədov Bəybala. Ada, Əli Şəfi, Əhməd ağaya kim deyibdir, fontan var? Əli Şəfi. Vallah, heç mənim xəbərim yoxdur. Mən deməmişəm. Məmmədov. Yalan demə, eşşək! Sən deyil idin telefonda məgər? Sonra da dedin ki, eşşək qardaşındır? Əli Şəfi. O telefon yaxşı danışmayıbdır, xarabdır. Mən elə bildim ki, danışan Mirzənin qardaşıdır. Dedim ki, qardaşın iştəkdir, yəni çox işləyən adamdır, işləməkdən yorulmur. Telefonda çıxıb eşşək qardaşındır. Məmmədov. Sən dedin axır fontan vurur. Əli Şəfi. Mən demişəm ki, Mantaşovun fantalı vurur. Məmmədov (onun sözünü kəsir). Kəs səsini, axmağın birisi! Nə böyük var, nə kiçik. Evimi yıxdınız. Uzun elə pul ver, pul. Bu nədir? Kəndir. Bu nədir? Dəmir. Bu nədir? Torba. Bu nədir? Şalman. Bu nədir? Taxta. Bu nədir? Maşın. A kişi, belə də müsəlmançılıq olar? Evim yıxıldı. Heç məgər allahınız yoxdur? Birisi baltanı quyuda sındırır, o birisi jalonkanı çıxarda bilmir. Bəybala. Əhməd ağa, bir az hövsələ ediniz, darıxmayınız, şükür Allaha, işimiz yaxşı gedir. Məmmədov. A kişi, on iki ildir mən hövsələ edirəm. Ay evi yıxılmışın oğlu, daha bəs deyil? Əli Şəfi (Bəybalaya xitabən). İndi nə buyurursan, o Şafaqat bir yaxşı sükançıdır. Məndən olsa elə eləyək ki, o əlimizdən çıxmasın. Odur qoymuşam jalonkanı çıxarsın. Bəybala. Quyudan heç əsər-əlamət varmı, neft görünürmü? Əli Şəfi. Çox... Məmmədov (Bəybalaya xitabən). Siz bunun sözünü adam sözü hesab edirsiniz? Bu ki, heyvandır... Bəybala. Nə eləyim, o biriləri də onun tayıdır. Nə təfavütü var. Məmmədov (ibarə ilə). Şu qotur hərif zati-alilərinin əleyhində bana bir çox ixtaratda bulunub da deyir idi ki, əksər gecələr qumarbazlıqla imrari-vəqt edir. Bəybala (soruşur). Yəni bu eşşək demişmi? Məmmədov. Əvət, şu eşşək hərif deyir ki, bütün gündüzlər yuxudan qalxmayır. Bəybala. Əcaib! Yəni bu heyvan hərif demişdir? Əli Şəfi. Hələ elə bilirsiniz ki, biz eşşəyik, heç başa düşmürük nə danışırsınız. Doğrudur, Şafaqat elə bir az da kart oynayandır. Gündüz də bir qədər yatır, amma onu mən əlimdə mum kimi yumşaldaram. Məmmədov (Əli Şəfiyə). İtil burdan, axmaq! Əli Şəfi gedir Bəybala. Zənnimcə, o mənim əleyhimə danışmaz. On üçüncü gəliş Bəybala və Məmmədov Mirzə (daxil olur, Məmmədova xitabən). Ağa, gözün aydın, vtoroy nömrənin baltasını çıxartdım. Məmmədov. Oy... şükür Allaha, şükür Allaha. Şafaqat. Ağa, gözün aydın, pervi nömrənin jalonkasını çıxartdım. Məmmədov. Çox yaxşı, çox yaxşı. Əli Şəfi bir çox fəhlələr ilə gəlir. Əli Şəfi. Ağa, gözün aydın, muştuluğumu ver, fontan vurdu. Bəybala. Dedim ki. Əhməd ağa, bu Balaxanıda gərək hövsələ edəsən (Əli Şəfi oynayır, fındıqça çalır). Muştuluğumu ver, ağa! Muştuluğumu ver! Məmmədov. Şükür Allaha, şükür Allaha! (xaricdə səs-küy eşidilir, Bəybala durur gedir, fəhlələrə deyir). Kürəkləri götürün, dalımca gəlin! Əli Şəfi. Elə gördüm daş deşildi, sonra bombom, fontan pır-pır elədi. Məmmədov (fəhlələrə çıxarıb pul verir). Əli Şəfi (fındıqça çalıb oynayır). Hay, hay, hay. Fontandır, ay fontandır... Pərdə * * * Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi MƏCLİS - ƏHLİ Faiqəfəndi – Müəllim ƏsədƏhmədzadə } – Səyli şagirdlər SadayHəsənzadə İsmayıl – Tənbəl və nadinc şagird. Dadaş – Əsədin atası. Məclis məktəbin müəllimlər otağında əmələ gəlir. Faiq əfəndi sandalyada oturub qəzet oxuyur. Həyətdə uşaqların oynamaq səsi gəlir. İsmayıl döşü açıq, üzü mürəkkəb ilə qaralanmış içəri girir. Gözlərini vəhşi kimi açıb-yumub çığıra-çığıra danışır və getdikcə səsini yavaşıdır. İsmayıl (ağlaya-ağlaya). Müəllim əfəndi, Saday Həsənzadə dərs oxuduğum yerdə gəlib başıma bir yumruq çırpdı ki, ağlım başımdan çıxdı. Bir baxınız, yeri şişibdir (göstərir). Faiqəfəndi. Mən səni də tanıyıram, Sadayı da (çeşməyini düzəldir). Saday heç vaxt elə iş etməz. İsmayıl. Müəllim, hamıdan xəbər alınız, mən heç nə etmirdim. Öz yerimdə oturub dərsimi oxuyurdum. O neçə dəfə məni vurub, amma mənim yazığım gəldiyi üçün gəlib sizə şikayət etməmişəm (əlini başına aparıb yalandan deyir). Of... Of... Necə ağrıyır. Faiqəfəndi (Baxıb görür ki, döşü, qarnı açılmış, pencəyi düymələnməmişdir). Bu nədir? Qarnın açıq, təkbəndsiz. Döşünü düymələmək də bilmirsənmi? Ədəbsiz!.. O nədir, üzün qapqara qaralmışdır? Məgər sən üzünü yumursan? İsmayıl (ağlaya-ağlaya). Yuyuram, müəllim (özünü elə göstərir ki, guya utanır). Faiq Əfəndi. Bu qara nədir, üzünü-gözünü bulamısan? İsmayıl. Qara pisdir, müəllim əfəndi, yayılır. Faiqəfəndi. Necə qara pisdir, yayılır? Üzünə yazmırsan ki. Bu vaxt Əsəd Əhmədzadə içəri girir Əsəd. Müəllim əfəndi, bu İsmayıl Sadayı elə vurdu ki, yazığın burnundan qan bulaq kimi axır. İsmayıl bunu eşidəndə Əsədə qaş-gözlə acıqlanıb hədələyir və özünü elə göstərir ki. guya ağlayır İsmayıl. Müəllim, hamı şagirdlər mənimlə düşməndirlər. Hamısı gəlib yalandan sizə şikayət edir ki, siz mənə tənbeh edəsiniz. Faiqəfəndi. Ey nadinc, elə bunun üçün qabaqca şikayətə gəlmişsən? Saday (üzü yuyulmuş içəri girir). Müəllim əfəndi, mən bilmirəm bu İsmayıla nə etmişəm? Dünən bir uşaqla küçədə savaşırdı, mən də gedib aralaşdırdım. İndi məndən razılıq etmək əvəzinə vurub burnumu qanatdı. İsmayıl (ağlaya-ağlaya). Müəllim əfəndi, yalan deyir, siz də onun sözünə inanırsınız. Əsəd. Bax odur, alnını da dünən uşaq vurub. Faiqəfəndi. Ay yaramaz, bəs deyirsən Saday səni vurmuşdur? Saday (təəccüblə). Mən səni nə vaxt vurdum? İsmayıl (ağlaya-ağlaya). Hə, sən vurdun da... Faiqəfəndi. Səsini kəs, ədəbsiz! Nadinclik etdiyin bəs deyil, gəlib bir böhtan da deyirsən?! Bu gün bir saat naharsız qalarsan. Get! İsmayıl (ağlaya-ağlaya). Müəllim əfəndi, mən nə eləmişəm? Faiqəfəndi. Daha nə edəcəksən? Min dəfə sənə tapşırmışam ki, dinc ol, savaşma, küçə uşaqları ilə gəzmə. Amma mənim sözlərim heç sənə təsir etmir. İsmayıl (ağlaya-ağtlaya). Müəllim əfəndi, dükanımızın qabağında yazıqca-yazıqca oturmuşdum, heç kəslə işim yox idi... Faiqəfəndi (sözünü kəsib). Hə, yazıqca-yazıqca, doğru deyirsən. Çox yazıq oğlansan, maşallah. İsmayıl. Bəli, yazıqca-yazıqca oturmuşdum. Birdən qonşumuz bir uşaq gəlib başıma vurdu, qaçdı. Mən də durub onu vurdum. Faiqəfəndi. Sənin dükanda nə işin var idi? Əsəd. Müəllim əfəndi, hər gün məktəbdən çıxıb dükana yüyürür. İsmayıl. Mən getmirəm, anam yollayır. Faiqəfəndi (yan tərəfə). Taxsır bunların ata-anasındadır, övladlarına tərbiyə vermək əvəzinə küçə-bazarın canına salırlar. Uşaq zay olur, gedir. Bundan sonra bunlardan adam olarmı? Tərbiyəsizlik, ədəbsizlik bunlarda kök bağlamışdır (İsmayıla). Mən sənə deməmişəmmi ki, dükana getmə? Dünən atanı çağırıb ona demədimmi? İtil burdan! Saat üçəcən naharsız qalarsan! İsmayıl. Daha getmərəm, müəllim əfəndi, bu dəfəlik məni bağışla. Uşaqlar hamısı mənimlə düşməndirlər. Faiqəfəndi. Səni min dəfə bağışlamışam. Amma əsla halına təfavüt etməmişdir. Get!.. Əsəd, sən dayan, səninlə sözüm vardır. İsmayıl və Saday gedirlər. Otaqdan çıxan vaxt İsmayıl Sadayı dürtmələyir və qayıdıb gözaltı müəllimə baxır. Faiqəfəndi. Əsəd, hərçənd çox zəhmət çəkdim, amma şükürlər olsun ki, zəhmətim itmədi. Qori darülmüəlliminində olan pansiona bir nəfər şagird qəbul etmək üçün verdiyimiz ərizəni oranın müdiri qəbul etmişdir. Sənin çalışqan və səyli olmağına görə qərar qoymuşuq ki, oraya göndərək. Görürsən ki. səyli olmaq nə qədər yaxşıdır. Sən çalışqan və səyli olmasaydın, bu gün bu xoşbəxtlik bir başqa şagirdə qismət olacaq idi. İndi get, ata-anana xəbər ver ki, sabah səni Qoriyə göndərəcəyəm. Əzizim, orada çalış, səy et. Qoy müəllimlər səni sevsinlər. İnan ki, üç ildən sonra bir alim və kamil insan olub vətəninə qayıdacaqsan. O vaxt millət və insaniyyətə xidmət edərsən. Əsəd (Bəşaşət ilə). Əfəndim, təşəkkürlər edirəm. Sizin yaxşılıqlarınızı mən heç vaxt unutmaram. Faiqəfəndi. Get evinizdə de ki, paltarlarını hazırlasınlar. Sabah gərək gedəsən. Əsəd gedir. Faiq əfəndi qəzet oxumağa başlayır. Bu halda Saday içəri girir və bir tərəfdə qəmgin dayanır. Müəllim onu görmür. Bir azdan sonra müəllim başını qaldırıb görür və onu çağırır Faiqəfəndi. Saday, buraya gəl görüm, nə üçün ağlayırsan? Saday. Əfəndim, məgər mən çalışqan deyiləm? Məgər mən tənbələm? Faiqəfəndi. Necə? Sənə kim deyir ki, tənbəlsən? Saday. Bəs Qoriyə Əsədi göndərirsiniz, məni nə üçün göndərmirsiniz? Onun ata-anası var, mən yetiməm, onun üçünmü? Müəllim əfəndi, təvəqqe edirəm, məni göndəriniz. Söz verirəm ki, gecə-gündüz çalışıb çox yaxşı oxuyaram. Oranın müəllimlərindən soruşarsınız, əgər pis oxusam, yenə məni geri qaytararsınız. Faiqəfəndi. Saday, paxıllıq etmə! Paxıllıq çox yaman sənətdir. Doğrudur, Əsədin atası var. Amma onlar da fəqirdirlər. O qədər varlı, pullu deyillər ki, uşaqlarını elm oxumağa göndərsinlər. Yenə təkrarən deyirəm, paxıllıq yaxşı xasiyyət deyildir. Sən də çalış, onun kimi olasan. Səni də allah qoysa, gələn il göndərərəm. İndi hələ balacasan. Saday. Əfəndim, inanız ki, artıq səy edəcəyəm. İndi Əsəddən bir az geri qalmağımın səbəbi odur ki, xalamın evində nökərçilik edirəm. Pansiona girəndə dərsdən başqa heç bir işim olmayacaqdır. O vaxt mən çox yaxşı oxuya biləcəyəm. Mən heç bir sinifdə qalmaram. Faiqəfəndi. Mən sənə inanıram. Amma sən də inan ki, indi daha onu qoyub səni göndərmək olmaz. Qoridə də bilirlər ki, biz oraya kimi göndərəcəyik. Saday. Əfəndm, çox təvəqqe edirəm ki, mümkün olsa... Faiqəfəndi. Gələn il, allah qoysa, səni göndərərik. Get xatircəm ol! (Saday gedir). Ax, nə olaydı ki, qüdrətim olaydı, bu uşağı ağlamağa qoymazdım. Göndərib öz xərcimlə oxudardım. Həm qabil, həm səyli və həvəsli bir uşaqdır. Dadaş kişinin səsi gəlir. Bayırdan kəndli dili ilə çığırır Dadaş. Mollaxana buradır? Faiqəfəndi. Buyurunuz, buyurunuz! Dadaş Əsədin əlindən tutub içəri girir və ayaq üstə durur Dadaş (çığıra-çığıra). Salam-əleyküm, molla! Necəsən, yaxşısanmı? Allaha şükür biz yaxşıyıq. Faiqəfəndi. Əfəndim, buyurunuz, əyləşiniz. Dadaş. Elə belə də yaxşıdır, rahatdır. Sağ olasan, ay mollacan! Axır sən bu uşağı lap zay etdin, getdi ha... Bu gün bu mənim əhvalımı pozub xarab eləmişdir. Faiqəfəndi (gülümsünür). Nə olub məgər? Dadaş. A kişi, mən nə bilim, yaxamdan tutub deyir ki, Ğarıdurmu, Ğurudurmu, nə zəhirmardır, deyir oraya gedəcəyəm. Bıy a!.. Ağlını qara aparıb dəli olub. Axır, bilmirəm, bundan axund olacaq, əfəndi olacaq? Axır nə olacaq, görək? Faiqəfəndi. Nə üçün, Dadaş dayı? Oxuyar, müəllim olar. Bəs sən istəmirsən ki, uşağın oxuyub kamil bir adam olsun? Dadaş. A kişi, mənim uşağım bir az siyahı-səriştə başa düşdü, çoxdur. Daha çox oxusa, vecdən çıxar. İndi heç bilmirəm bunu sən necə başdan çıxartmısan? Axır bunun nə dediyidir? Faiqəfəndi. Dadaş dayı, bəs biz dörd-beş ay bundan irəli Əsəd barəsində danışmadıqmı və sən də mənə söz vermədinmi ki, Əsədi göndərək getsin oxusun? İndi bəs nə üçün razı olmursan? Görürsən ki, bir növlə çara tapmışıq. Nə üçün zəhmətimiz hədər olsun? Dadaş (yaltaqlıq ilə). Sənə qurban olum, mən nə vaxt söz verdim? Faiqəfəndi. Necə nə vaxt söz verdin? A kişi, bəs dörd-beş ay bundan irəli ağsaqqalların yanında gəlib bizdən razılıq etmədinmi? Dadaş. A başına dönüm, o vaxt sən mənə bir yəqin söz demədin. Ancaq dedin ki, yazaq, nə bilim daha nə dediniz. Mən də bir kəlmə dedim, hə yaxşı... Bı, a!.. Qələt etmədim ki! Vay... Oda-oyuna düşdük, a kişilər... Əsəd (atasına yavaşca). Yavaş, a kişi, yavaş! Bir az qayda ilə danış. Faiqəfəndi. A qardaş, mən səni cəbrən oğlunu göndərməyə vadar etmirəm ki... Mən sənə ancaq yaxşılıq edirəm. Daha oda-oyuna nə üçün düşürsən? Uşağını müftə oxumağa göndərirlər. Sən gərək razılıq, təşəkkür edəsən. Dadaş. Yox, mollacan, sən olasan o Allah, bizim uşağın yaxasından əl çək. Mən ölməmişəm ki, o, çöldən-çölə, dağdan-dağa düşsün, özgələrin qapısında nökər olsun. Məgər mənə eyib deyil? Axır mən də özüm üçün bir adamam. Faiqəfəndi. A qardaş, nə sözlər danışırsan? Bir kəlmə başa düş və anla! Biz sənin uşağını göndərmirik ki, gedib nökərçilik eləsin. Biz göndəririk ki, gedib oxusun, adam olsun, mədəni bir insan olsun. Dadaş. Pah, bu nə sözdür? Bədəni olsun? İndi mən oxumamışam, bədənim yoxdur? Adam deyiləm? (tərəfə). Kişilər, görünüz bircə nələr danışır, bişmiş toyuğun da gülməyi tutur. Faiqəfəndi. Yaxşı adamsınız, Dadaş dayı, amma elminiz olsaydı, lap gözəl olardı. Dadaş. Necə yəni burun-qulağımı dəyişdirərdim? Əsəd. Ata, mən getmək istəyirəm, sən allah qoy gedim. Dadaş (oğluna). Kəs səsini, heyvan! (Başına bir qapaz vurur). Faiqəfəndi. Dadaş dayı, qulaq as, gör nə deyirəm. Nahaq yerə uşağını bəxtsiz etmə. Belə iş mindən bir uşaq üçün mümkün olur. Əsəd qabil və səyli uşaqdır. Ona mənim hayıfım gəlir. Yəqin bilirəm ki, bir neçə il Qoridə oxuyandan sonra çox kamil bir müəllim olar. Dadaş. Mollacan, sən olasan allah, bu xatanı mənim başımdan rədd et! Bilirəm, sizdən bir uşaq istəyiblər, bir yetimdən-zaddan tapınız, göndəriniz. Daha mənim oğulcuğazumu əlimdən almayınız. Mollacan, ver, əlini öpüm. Allah xatirinə, məni bu oddan-alovdan qurtar, uşaqcığı da evdən-eşikdən hürkütmə. Avara etmə, dərəyə-təpəyə salma. Sən allah, mənə yazığın gəlsin. Əsəd (yavaşca). Nə üçün qoymursan gedim, ay dədə, bircə de görüm? Sən allah qoy, mən getmək istəyirəm. Dadaş. Sən çox qələt eləyirsən! Heyvərə, axmağın biri!.. Əsəd. Ay dədə, belə çığırma! Bu cür bərk danışmaq ayıbdır. Dadaş. Adə, demirəm səsini kəs! Axmaq-axmaq danışma! Bu saat dərini boğazından çıxardaram! Faiqəfəndi. Qardaş, bəlkə sən başqa cür fikir eləyirsən. Bu qədər bil ki, Qoridə bir böyük məktəb var. Mən də orada oxumuşam. Sənin oğlunu da oraya göndərirəm. Dadaş (təəccüblə). Pi... a... Mən o qədər axmaq deyiləm ki, anlamayım. Faiqəfəndi. Di yaxşı, atan rəhmətlik, biz də istəyirik sənin oğlun gedib orada oxusun. Elmli, kamallı, mədəni insan olsun. Dadaş (tərəfə). Yavaş ye, boğazında qalar. Buna bax, məni aldatmaq istəyir (müəllimə). Axır, mollacan, eyib olmasın. Əsədin anası deyir ki, mən uşağımdan bir saat da ayrılmaram. İstəyirsən gedək bizim evə, gör anası nə qiyamət qopardır. Faiqəfəndi. Həqiqət bilmirəm sizin bu işlərinizə nə ad qoyum? Dadaş. Mollacan, istəyirsən məni burda tut bir yaxşıca kötəklə, lap dur başımı da yar. Ancaq məni bu tələdən qurtar. Allah xatirinə, məni bu xatadan azad et. Faiqəfəndi. Dadaş dayı, sonra peşiman olarsan. Amma daha o vaxt çarə olmaz, vaxtı keçmiş olar. Dadaş. Nə üçün peşiman oluram. Uşağımdan əl çəkmişəmmi? Faiqəfəndi (tərəfə). A kişilər, lap mən təəccüb edirəm ki, dünyanın bu işıqlı vaxtında, XX əsrdə belə də qəribə, nadan avam olurmuş! Dadaş (tərəfə). Ax... bu mollalar nə danışırlar ha... Ay bunlar uzunçu olur ha... (müəllimə) Doğrusu, mən sənə uşaq vermərəm. Mən uşağımı küçədən tapmamışam ki... Yumşaqlıq ilə deyirəm, görürəm qanmırsan. Görünür ki, məni axmaq tapmısan. Bilirsən ki, nə elərəm?.. Faiqəfəndi. Bundan artıq daha nə edəcəksən? Siz də deyirsiniz ki, biz də atayıq, adamıq. Ay maşallah! Dadaş (lovğalandığı halda oturduğu yerdən qəzəbli qalxır). Mən kimdən əskiyəm? Səndən əskiyi it yesin. Yəni sən bu kağızın ağınıqarasını qandın, adam oldun?.. Biz heyvan olduq?.. (tərəfə) Buna bax, gör nə danışır. Faiqəfəndi. Qardaş, mənim vaxtım yoxdur ki, səninlə savaşam. Səninlə danışmaq vaxtı tələf etmək, vaxtı öldürməkdir. Dadaş. Necə? Məni öldürmək! Sən nəçisən ki, məni öldürəsən?! Ölkənin yiyəsi sənsən? Güc deyil ki! Mən uşağımı vermirəm də!.. Faiqəfəndi. Qardaş, sən tarı get başımdan ol. Səninlə danışmağa mənim vaxtım yoxdur. Dadaş. Hə, hər ildə üç-dörd dəfə bir-iki vərəq çərəkələrini uşaqlara verib pul alanda vaxtın olar?! Əsəd (atasına). Ata, bir az ədəbli danış, ayıbdır. Dadaş (oğluna). Səsini kəs, axmaq! Uzun danışma! Düş qabağıma gedək (qayıdır müəllimə). Sən də qalmayasan, məktəbin də (sonra oğlunu boynunun ardından itələyir). Sür gedək, nadan. Bunlar çıxandan sonra səhnənin arxasında uşaq ağlaya-ağlaya atasına deyir Əsəd. Ata, nə üçün belə qilü qal edirsən? Dadaş (oğluna). Ada, demirəm səsini kəs, yoxsa, yoxsa lap təpəni əzərəm. Axmağın biri! Faiqəfəndi (yalnız). İndi gəl belə adamlar üçün həqqi-səy elə, zəhmət çək. Axırda bu da aldığım muzd. Doğrusu, bizim müsəlmanlar üçün müəllim olmaqdan çətin əzab olmaz. Çalış, vuruş, zəhmət çək, əziyyətdə qal, buna yalvar, ona yaxar, bunun üçün iş düzəlt, axırda razılıq əvəzinə, buyur, söyüş eşit. Ah, bilmirəm, biz nə vaxt öz xeyir və şərimizi qanıb, dost-düşmənimizi tanıyacağıq. Bu halda İsmayıl ağlaya-ağlaya içəri girir İsmayıl. Müəllim əfəndi, mən oturub dərsimi oxuyurdum, lap nahaq yerə Saday gəlib mənə bir təpik vudu. Az qalmışdı ki, lap yıxılıb qolum sınsın. Faiqəfəndi. İtil, cəhənnəm ol, nadürüst! Mən tanıyıram sən nə yuvanın quşusan! İsmayıl (ağlaya-ağlaya). Elə siz həmişə Sadayın sözünə inanırsınız. Faiqəfəndi. Döşünü düymələ, paltarını düzəlt, biədəb. Bu nədir qarnını, döşün açıq, gəlib qabağımda dayanmısan. Get Sadayı buraya çağır (İsmayıl gedir. Səhnənin arxasında ucadan deyir). Saday, Saday! İsmayıl. Buyur, buyur, indi sən də mənim kimi naharsız qalarsan. Saday (Saday qorxa-qorxa gəlir və dayanır qapı ağzında). Müəllim əfəndi, inanız ki, mən heç bir şey etməmişəm. İsmayıl özü... Faiqəfəndi (onun sözünü kəsib). Saday, qulaq as, dinlə. Sən yetim olduğun üçün Allah-taalanın sənə rəhmi gəldi. Sən Əsəddən xoşbəxt oldun. Daha Qoriyə onu göndərməyəcəyəm. Get, hazırlan, sabah Qoriyə səni göndərəcəyəm. Saday şadlığından özünü itirmiş bir halda oyan-buyana baxır Faiqəfəndi. Nə üçün mat-məəttəl qalmısan? Sabah yəqinən gedəcəksən. Get, hazırlan, vəssalam! Saday. Mənim qiymətli və sevgili müəllimim! Siz bu gün məni əhya etdiniz, mənə dirilik verdiniz. Allah sizdən razı olsun. Bilmirəm nə növ ilə sizdən razılıq edim. Faiqəfəndi. Get, əzizim! Ümidvaram ki, az bir vaxtda kamil bir insan olub öz vətəninə qayıdarsan. Vətən və millətinə xidmət edərsən. Get, elmin nuru ilə işıqlan və bu qara camaata qandır ki, elm və mədəniyyət insanın xoşbəxtliyidir. Get, Allah sənə kömək olsun! Pərdə * * * Tağı və Nağı Bir pərdəli pyes ƏFRADİ - MƏCLİS Tağı – cavan oğlan, qarovulçu Nağı – cavan oğlan, papaqçı Qarı – ev yiyəsi Birinci pərdə Kasıb bir evdə vaqe olur. Tağı əlində yaylıq, içində ət, yorulmuş daxil olur, yaylığı mizin üstünə qoyur Tağı. A kişilər, belə gün keçirmək olar? Gecələr sübhə kimi yatmayıb qarovul çək, bununla belə aldığın donluq da səni görməsin. Gündə də bir dükançı gəlir ki, nə bilim bu gecə mənim dükanımı kəsiblər. İndi gəl aldığın donluğu da buna ver ki, xəcalətdən qurtarasan. Səhər çörəyini günorta, günortanı axşam saat 8-də yeginən (əti doğramağa başlar). Bu günləri canımdan, boğazımdan kəsib var-yoxumu vermişəm yarım girvənkə ətə, çünki Allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik nənəm deyərdi ki, balam, cümə axşamı ocağın altını boş qoyma. Odur ki, mən də onun sözünü yerinə yetirirəm (maşını yandırıb əti tavaya tökər). Bu bişməkdə olsun, mən gedim çayçıdan çay alım gətirim, çünki bu şoğəribin üstündən çay içməsəm, əlüstü əngəl eləyəcək (gedir). Bir qədərdən sonra Nağı əlində ciyər, ovqatı qaralmış gəlir Nağı. Allah kəssin belə güzəranı, Allah! A kişilər, səhər-səhər damağın çağ açırsan dükanını bir tikə alış-veriş eləyəsən (əlindəki ciyəri mizin üstə qoyar), elə oturmağını görürsən, bir də görürsən girdovoy girdi içəri: “Zakrıvay yes!”. Günahkar olursan deyəsən: “Nə üçün, yenə nə olub bəyəm?” Bir də gördün, bir dürtmə boynunun ardına vurdu ki, “paşolt pirsidski lopatka, sevodni padşah anadan olan günü rabatay?” Bəli, bağladım. Bu gün belə getdi. İndi kəmaliistirahətlə yenə dükanda oturub papaq tikirsən, bir də aqaloşnik gəldi: “Ada, razve sənim ne znayeş ki, bu gün padşah taxta çıxan gün rabatay?”. Pah atonnan, bu gün də bağladıq. Nə bilim, o biri gün gəlir ki, bu gün taxtdan düşən günü rabatay. A kişi tək padşah olsa yaxşıdır, bunun arvadı var, oğlu var, qızı var, nəvəsi var, nəticəsi var, nə bilim iti var, qurdu var, ziri var, zibili var. A kişilər, lap adamı cana doydurublar (ciyəri götürüb tavaya tökmək istədikdə əti görər). Aha... bu nədir? (qayıdıb ciyəri mizin üstə qoyar). Burada ki, ət var! Bunu bura kim tökmüş olsun? (fikirləşir). Hə, yəqin ki, bu qarının işidi. Evi boş görüb... Yaxşı, zalımın qızı, indi sənə göstərərəm (tavanı götürüb pəncərədən atar, ciyəri tavaya töküb qovurmağa başlar). Bu burada qovrulmaqda olsun, mən də gedim bir dəstə kəvər alım (gedər). Bir azdan sonra Tağı əlində çay daxil olur, çayı mizin üstə qoyub əti qovurmağa getdikdə, ciyəri görüb təəccüblənər Tağı. Aha, bu nədir? Bu ki ciyərdir. Ət ki, dönüb ciyər olmaz. Aha, yəqin bu qarının işidir (qapıya tərəf). Ay sən özün öləsən, “deyə-deyə aşna, çıxdın ocaq başına”. Sənin kimilərin xoruzunu çoxdan qoltuğuna vermişəm (ətəyilə tavanı götürüb qapıdan atmaq istədikdə, gəlməkdə olan Nağı ilə burun-buruna toxunarlar). Hər ikisi: Paho... Bir-birinə baxdıqdan sonra Tağının əlini tava yandırdığından, maşının üstə qoyar və acıqla Nağıya baxar. Nağı əhəmiyyət verməyib gedib ciyəri qovurar. Tağı təəccüblə Tağı. Balam, sən kimsən? Nağı (ciyəri qurdalar). Balam, bəs sən kimsən? Tağı. Mən sənə buyururam, sən kimsən? Nağı. Mən də sənə ərz edirəm, sən kimsən? Tağı. Aha, bu yaxşı! Balam, sən burda nə edirsən? Nağı. Əvvəl sən söylə görüm, sən burda nə eləyirsən? Tağı. Mən bu otağı qarıdan kirayə tutmuşam. Nağı. Nə? Adə, mən ki, bunu qarıdan tutmuşam. Tağı. Hə, həpənd balası, həpənd, getdikcə çaşırsan ha!.. Nağı. Qırışmal oğlunun ağız-burnunu vurub dağıdacağam (balaca qulaylanır). Tağı (acıqlı). Adə, otağımı yalandan kirayə tutmuşam dediyin bəs deyil, bir heyvərə-heyvərə də danışırsan? Nağı. Adə, mənim otağımı adına salmaq istəyirsən?! Allah vurub səni də, sənin babanı da! Otaq mənimdir. Tağı. Adə, belə eləmə ki, yıxım ayağımın altına, qol-qabırğanla hesablaşım ha?! Nağı (bir dürtmə vurur Tağıya). Adə, kimin, adə? Tağı (Tağı da bir dürtmə vurur). Adə, sənin... Nağı (bir yumruq). Deyəsən lap başdan çıxırsan. Otaq mənimdir. Tağı. Xeyr, mənimdir (o da vurur). Nağı. Mənimdir. Vuruşurlar. Bu dəmdə qarı içəri gəldikdə bunlar qızışdıqlarından qarıya bir neçə yumruq dəyir. Tağı qarının qolundan yapışıb bir tərəfə çəkir Tağı. Ağız, de görüm otaq kimindir? Qarı. Sənin! Tağı (Nağıya). Gördün? Nağı (qarını bir tərəfə çəkir). Doğrusunu de, kimindir? Qarı (Nağıya). Sənin! Nağı (Tağıya). Gördün ki, mənimdir? Tağı. Xeyr, mənimdir! Nağı. Allah səni vurmuşdu (vuruşurlar, qarı aralıqda əzilir). Qarı (döyülə-döyülə). Ay balam, bir dayanın, bura gəlin, oturun (aralarına girib hər ikisinin qolundan tutur. Hərəsini bir stul üstündə oturdub aralarında durur. Nağıya) Ev sənindir (Tağıya). Ev sənindir (onlar hər ikisi də mat bir-birilərinə baxırlar. Qarı Nağıya). Bax, sən gündüzlər dükana gedib axşamlar gəlirsən (Tağıya). Sən gecələr gedib gündüzlər evə gəlirsən. Mən də ki, sonsuz, kimsəsiz qarıyam. Bu otağı bir-birinizdən gizlin hər ikinizə vermişəm ki, bir növ belə hey... sizin də işiniz keçsin, mənim də. İndi öpüşünüz (Hər ikisini miz üstündən əydirib öpüşdürür). Bu gün də ki, cümə axşamıdır, düyüdən-zaddan bişirmiş olarsınız, yəqin ki, bu qoca qarını da yaddan çıxarmazsınız. Tağı və Nağı mat-məbhut camaata baxdıqlarından qarı üsulluca çıxıb gedir. Tağı və Nağı hərdən bir-birinə baxıb gülürlər və üzlərini o yana çevirirlər Tağı. Balam, sənin adın nədir? Nağı. Bəs sənin adın nədir? Tağı. Mənim adım Tağı! Nağı. Mənim də adım Nağı! Tağı. Sənətin nədir? Nağı. Mən papaqçıyam. Bəs sən nə işdəsən? Tağı. Mən də darğayam, darğa! Birdən ayaq səsi eşidilir. Hər ikisi qapıya gedib qapını tuturlar Nağı. Aha, deyəsən gələn var, yəqin qarıdır. Qoyma! Tağı (qapını bərk tutur). Bərk tut, məbadə buraxasan. Zalım qızı yəqin ki, yeməyə gəlib. Qarı (qapı dalından). Qorxmayın, içəri gəlməyəcəyəm, postadan kağız var, onu gətirmişəm. Tağı və Nağı. Aldada bilməzsən, açmarıq Qarı (o tərəfdən) Elə isə qapını balaca aralayın, kağızı verim. Onlar qapını aralar, kağızı Nağı alar Nağı (üstünü oxuduqdan sonra). Bu kağız sənədir, burada Tağı yazılıb (kağızı uzadır Tağıya). Tağı (alıb oxuyur). Xeyr, sənindir, burada Nağı yazılıb (kağızı Nağıya vermək istər. Nağı almaz). Nağı (xeyr, xeyr. Öləsən də, Tağı yazılıb, görmürsən? (barmağı ilə kağızın ardını göstərir). Tağı (acıqlı kağızı mizin üstünə çırpar). Burada Nağı yazılıb! Nağı labüd qalıb kağızı oxuyur Nağı. Əzizim Tağı! Tağı. Xeyr, Nağı! Nağı. Əvvələn, ümdə mətləb vücudunuzu Allah-taala salamat eləsin və səniyən, əgər bu tərəfin əhvalın bilmək istəsəniz, mətləb burdadır ki, sən yola düşəndən sonra əminin get-gedə halı xarablaşıb, indi lap ölüm halındadır (tez kağızı mizin üstə atar). A kişi, deyirəm sənindir, deyirsən belə (bir yana çəkilir). Tağı (bir qədər Nağıya baxıb oxuyur). Evdə məndən başqa bir kimsə olmadığından, əmin üçün korluq keçir. Çünki mən bir tək ona lazımınca qulluq edə bilmirəm. Əmin xahiş edir ki, əlində su da olsa, od da olsa, qoyub gəlsin. Mənə bir növ xidmət eləsin ki, bu gün-sabah dünyadan gedəcəyəm, bəlkə bir növ dərmanlar vasitəsilə babat olam. Əmin qızı sənə qurban olsun! Gəl ki, əmin yazıqdır. Barı hərdənbir dalına alıb bağda gəzdirərsən. Bəlkə təzə hava ilə bir ləzzət alsın (Nağıya). Al, al, mənim belə qohum-qardaşım yoxdur (Nağıya göstərir). Bax, burada Nağı yazılıb, bu kağız sənindir! Nağı. Xeyr, Tağı yazılıb. Görürsən ki, nöqtə iki dənədir. Tağı. Xeyr, nöqtə bir dənədir, ancaq yazanda qələmi bərk basıblar, qalın düşüb, ona görə də, iki dənə kimi görünür, al (uzadır). Nağı. Xeyr, qələmi bərk basmayıblar, həqiqətən, bişək-bişübhə iki dənədir. Tağı (kağızı başına çırpar). Adə, deyirəm zəhirmar sənindir. Ay sənin belə... Nağı (sözünü kəsər). Adə, deyirəm sənindir (bərkdən). Adə, aşkar Tağını görmürsən? İki dənə nöqtə qoyulub, iki dənə. Tağı. Xeyr, xeyr, nöqtə bir dənədir. Yəqin yanından milçək keçib, bir nöqtə qoyub, ona görə Tağı oxunur. Görmürsən, biri lap yoğun, biri cunquşdur. Aya var, aya yox. Nağı. Adə sənindir deyirəm. Burada Tağı yazılıb. Nağı. Nundur. Nağı. Teydir. Tağı. Deyirəm nundur. Nağı. Mən də deyirəm teydir. Vuruşurlar. Bir qədərdən sonra qarı əlində başqa bir kağız daxil olur, o da düşür yumruq altına Qarı. Ay bala, ay balam, məni öldürdünüz. Alınız postdan yenə kağız gəlib. Tağı (bir-birlərinə baxırlar). Bu da sənə gəlib. Nağı (kağızı alır. Qarı gedir). Bax burda lap aşkar Tağıdır, dəxi bunun başqa şəkki-şübhəsi yoxdur. Tağı (alar, baxar). Balam, burda Nağıdır. Nun hərfi lap aydın bilinir. Nağı. Xeyr, səhvin var, tey hərfi aşkardır, bura da keyfi-mayəşa deyil. Budur, budur iki dənə nöqtə səddi-İskəndər kimi durub gözünün qabağında. Tağı (labüd qalır). Allahu əkbər (Kağızı alar, oxuyar). Əzizim Nağı! Nağı. Xeyr, Tağı! Tağı. Salam-duadan sonra yazıb sizə bildirirəm ki, əvvəlinci kağızı sizə göndərəndən iki saat sonra əminin lapdan canı çıxdı. Öləndə o rəhmətlik bu vəsiyyəti elədi: mənim yatdığım yerdə torpağın içində küpdə qızıl var. Onu götürərsən, əmin oğluna da kağız yazarsan ki, gəlsin. (Nağıya) Bax, bu kağız mənimdir. Nağı (cəld əlindən qapar və bir tərəfə çəkilər). Xeyr, burada aşkar Nağıdır (oxuyur). Ev-eşikdə olan-olmazı satarsınız və mənim sürsümüklərimi köç edib göndərərsiniz Kərbəlaya. Orda qızılları yeyibiçib kef edərsiniz. Tağı (əlindən qapır. Bir tərəfdə). Aha, kef edərsiniz. İndi sənin yolunu gözləyirəm. Nağı (daldan qapar). Tez gəl, əz tərəfi... (Tağıya) Balam, bu kağız da, qabaqkı kağız da mənimki imiş, mən heç bilməmişəm (büküb cibinə qoymaq istər). Tağı. Dayan, dayan, səni Allah vurmuşdu. Kağızı mənə ver (onun qolundan tutar. Nağını bərk itələyər). Nağı. Adə, itil o yana, mənim səfərim var! Tağı. Adə, səninlə deyiləm? (yapışıb mizin üstə yıxar, sonra Nağı durub vuruşurlar. Səs-küy düşər). Qarı (daxil olur). Ay balam, yenə nə oldu? Nağı. Sən Allah, ay qarı nənə, bir bunu oxu görək Tağıdır, ya ki, Nağı? Qarı. Ay balam, mən oxumaq hardan bilirəm? Tağı (ağlar). Ay qarı nənə, allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik əmim allah rəhmətinə gedib. İndi onun... Nağı (onun sözünü kəsər, ağlaya-ağlaya). Xeyr, ay qarı nənə, o rəhmətlik mənim əmimdir, kağız mənə yazılıb. Tağı (bərkdən). Xeyr mənə yazılıb (qaşınır). Nağı. Xeyr, mənə yazılıb. Vuruşmaq istəyirlər. Qarı aralaşdırır Qarı. Nənə sizə qurban olsun, vuruşmayınız, dayanınız mən çöp gizlədim, hansınız tapsa, kağız onundur. Hə, necəsiniz, razısınız ya yox? Tağı. Razıyam. Nağı. Mən də razıyam. Qarı yerdən çöp götürüb gizlədir. Nağıya. Qarı. Hə, tap görək. Nağı (fikirdən sonra). Ver bundan! Qarı (əlini açır, çöp o biri əlindən çıxır). Bax uduzdun (kağızı alıb Tağıya verir). Bax, daha vuruşmayınız, kağız bu kişinindir (gedir, Tağı şad olub ora-burasını düzəldir). Nağı. İstər lap fələk gəlsin, ölsən də kağız mənimdir ki, mənimdir. Tağı (nəvazişlə). Balam, atam oğlu, bax bu kağız mənimdir, üstündə əmim qızı İsmətin adı yazılıbdır. Atası Yaftuməli mənim əmimdir ki, Allah rəhmətinə gedib. Mən də Mirzə Əsgərin oğluyam. Atam Kərbəlaya gedəndə məni əmimə tapşırmışdı. Özü də yolda Bağdadda Allah rəhmətinə getdi. Odur ki, əmim məni özünə oğulluğa götürmüşdü. Nağı (təğəyyüri-hal ilə) Sən Mirzə Əsgərin oğlusan? O da mənim əmimdir, mən də papaqçı Yaftuməlinin oğluyam. Tağı. Vaxsey, əmi oğlu! Nağı. Tağı əmi oğlu! Hər ikisi qucaqlaşanda pərdə düşür. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-pyesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.