Şeirlər Abbas Səhhət (1874–1918) Şeyx Sədi Sədi, əya şairi-şirinkəlam! Xabgəhin rövzeyi-darüssəlam. Dur, oyan ey dahiyeyi-ruzgar! Gör vətənin oldu nasıl tarü mar. Məzcəi-pakindir əgər Dilgüşa, Heyif deyil, məncə, bu gün dilgüşa. Aç gözünü, bax vətən övladına, Sevgili əqabına, əhfadına. Oldu fəramuş nəsihətlərin, Vermədi heç faidə zəhmətlərin. Hikməti-əşarına biixtilaf Eylər ikən əhli-cahan etiraf, Qədr qoyarkən hamı asarına, Sözlərinə, şiveyi-göftarına. Hər dilə nəql oldu kəlamın sənin, Tutdu bütün aləmi namın sənin. Yatdılar əhfadların xabdə, Etmədilər rəkz adına abidə. Qədrini bilsəydi əgər əğniya, İsminə min məktəb olurdu bina. * * * Xacə Hafiz Hafiz, ey mürşidi-sütudəsiyər! Hafiz, ey ustadi-şerü hünər! Əsərindir mütərcimi-lareyb, İştə sənsən bu gün lisanül-qeyb. Bir məali cəhanisən, Hafiz! Bir cahani-məanisən, Hafiz! Düşünülsə nədir mətalibini, Dərk edən əhli-həqq məratibini. Müstətirdir həqiqət ilə məcaz, Mündəric hər birində bir ecaz. Leyk dövri-zəmanə eylədi ğədr – Kim, sənə layiqincə qoymadı qədr. Olsa idi iranlılar arif, Elmü fənni-zəmanədən vaqif, Qədrini kamilən bilərlər idi, Heykəlin burda rəkz edərlər idi. * * * “Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!” Ey könül, yatmagilən, dur gözün aç, bidar ol! Xabi-qəflətdən oyan bir, bu zaman hüşyar ol! Şərqi-əqsayə nəzər qıl, necə gör qovğadır, Nə qiyamətdü, nə şurişü nə vaveyladır! Bütpərəst tayifəsi gör nə cəsarət ediyor, Sülhü asayişi dünyadə o qarət ediyor. Diplomat dairəsi vəz eliyən qanunu Hətk edib yer üzünün taifeyi-yapunu. Rus eskadrasına birdən o şəbxun elədi, Boylə nalayiq işi dövləti-yapun elədi. Çün verildi bu xəbər sevgili sultanımıza, İmperaturi-müəzzəm, şəhi-zişanımıza. Manifest verdi o dəm ləşkəri-xunaşamə, Ta ki tənbeh ola ol taifeyi-bədnamə. Hərb elanı təmamən dağılıb dünyayə – Ki, yapon dövləti-rus ilə durub dəvayə. Sadiqül-qövl rəiyyətlər ediblər hümmət, İmperaturə dilü can ilə qılsın xidmət. Biri sursat, birisi pul, birisi can verdi. Biri öz canını sultanına qurban verdi. Əmr edibdir üləma sinfinə şeyxülislam – Ki, məsacidlərə dəvət oluna xasü əvam. Çağıraq suzi-cigərdən hamımız Allahı – Ki, müzəffər edə bu rəzmdə şahənşahı. Çün yetişdi bu xəbər nahiyeyi-Şirvanə, Hansı Şirvan ki, olub zəlzələdən viranə. Sabiqən elmi-qəzavətdə dəbiri-qazi, Haliya məsnədi-izzətdə müdiri-qazi, Yəni Əbdülhüseynzadə, o şəxsi-tahir, Üləma firqəsini eylədi küllən hazir. Edibən zöhr namazını cəmaətlə əda, Pəs çıxıb minbərə səsləndi ki, ey əhli-vila, Bilin, ey qövm, bu günlər nə fəraqət dəmidir, Cümlə məcruhə bu günlərdə ianət dəmidir. Malü can ilə köməklik eləyin sultanə, Həq-taala bu təriq ilə yazıb Quranə. Saniyən, cümlə bu mətləbdən olun siz agah, Əmr edibdir sizə bu barədə bir alicah, Nüktədayi-rəhi-din, hadiyi-küll, fəxri-ənam, Şiəməzhəblərə Qafqasdə şeyxülislam, Buyurub şeyx hər ol kəs ki, müsəlman olsun, İmperaturə gərəkdir ki, sənaxan olsun. Əmri-baridir səlatinə itaət vacib, Bu itaətdə müsəlləmdi ianət vacib. Hamılıqnan deyin, ey qövm ki, ey bari-xuda, İmperaturimizə ömri-təvil eylə əta, Daima rəzmdə əfvacını mənsur eylə. Düşmənin kor elə, məğlub elə, məqhur eylə. Çün yetirdi bu məqamə sözü ol mürşidi-din, Xəlqdən çıxdı göyə nəreyi – Amin! Amin! * * * Dərya kənarı Bir gün qəmi-dövrandan usandı dili-zarım, Bir sahili-dəryayə tərəf düşdü güzarım. Ol mənzəreyi-dilkəşə etdikcə təmaşa, Min ləzzəti-ruhani olub qəlbdə peyda. Gördüm ki, yel əsdikcə edər bəhr təlatüm, Bir mənzəreyi-dilkəş açar söhbəti-qülzüm. Əmvac gəlir sahilə guya ki, o minval Təqib eləyir bir-birini dəsteyi-ətfal. Olduqca o busişgəhi-bihissə müqarib, Tər ləblərinə busə verərlər mütəaqib. Gördükdə nəvaziş yerinə büğzü küdurət, Məyus çocuqlar tək edərlər yenə övdət. Ol dəmdə pərakəndə olub səfheyi-abə, Tədric ilə təbdil olur ənvai-hübabə. Sakin dənizin səfhəsi ayinə kimi saf, Gün nuru düşərkən görünür bax necə şəffaf. Olduqca günəş nuru dəniz səthinə taban, Təşkil edər bir səfheyi-lərzani-dirəxşan. Tutmuş xəfəqan sineyi-dərya təpiş eylər, Məsru kimi xəflənibən ağzı qəş eylər. Kəşti yeriyən dəm yarılır sineyi-dərya, Mavi kağıza san çəkilir bir xəti-beyza. Hərdən buraxır dudi-siyəh ruyi-həvayə, Qalxdıqca vurar mövc, çıxar övci-fəzayə. Gah dalğalanır, gah dağılır cəvvdə hər yan, San tüstü çıxar xülyalı şair çubuğundan. Ruhim, mələkim, sevdiciyim, nazlı süruşum, Zikr oldu adın, uçdu başımdan yenə huşum. Dəryaya baxıb, sevgili yarım, səni görrəm, Səhraya baxıb, nazlı nigarım, səni görrəm. Qəmzən oxuna oldum o gündən ki, nişangah, Fikrim hamı insafi-ruxundur, şahid allah. Məqsud cəmalındır, nə tərz olsa ibarət, Yox səndən əlahiddə kəlamımda işarət. Ta ruhuma tabəndə olub nuri-cəmalın, Səhhət kimi düşmüş başıma şuri-cəmalın. * * * Şamaxı zəlzələsi Keçmişdi keçən şəb gecədən bir neçə saət, Məhtab ilə olmuşdu cahan qərqi-lətafət. Qəndili-dirəxşan qəməri göydən hüveyda, Bir səhneyi-şadi edib afaqdə peyda. Bir sümtü sükut, aləmə müstəvlivü qalib. Küllən hamı zərrati-cahan uyquya talib, Olmuşdu təbiət elə müstəğrəqi-əskan, Etmişdi bu aramı onun aləmi heyran. Tutmuşdu sükunət ilə bir həddi-nihayət, Ta kim, bəşərin ruhuna etmişdi sirayət. Damani-zilali-şəb edib aləmi məstur, Tərk etməyə amalını aləm hamı məcbur. Yer bəstəri-rahətdə, cahan uyquya mail, Lakin bu sükunət özü bir türfə şəmail. Qayətdə gözəl bir gecə, qayətdə fərəhnak, Qayətdə səfabəxş, nəhayətdə tərəbnak. Bir novmi-qəriq içrə cahan cümlə giriftar, İlla bu sükunətdə kəvakib gözü bidar. Ol mənzəreyi-dilkəşə min çeşmlə guya Bir riqqət ilə çərx özü eylərdi təmaşa. Lakin dili-aşüftəvü şuridəvü şaiq, Birdən edib ol mənzərədən qəti-əlaiq, Ətrafına olduqda çü nəzzarəsi mətuf, Bir özgə xəyalata edib himməti-məsruf. Çarpışdı, ilişdi gözə bu türfə səharı, Şirvanın o divanə olan şəhrü həsarı... Düşdükcə o istəkli vətən səmtə nigahım, Əflakə ucaldı o zaman şöleyi-ahım. Of, istəməm artıq görəm ol qəmli məkanı. Baxdıqca yaxar şöleyi-ahım dilü canı. Bir növ olub zəlzələdən yeksərə viran, Tapmaz dəxi abadlığı surəti-imkan. Daşlar qarışıb torpağa, evlər mütəlaşi. Xaki-siyəh ətfali-sitəmdidə fəraşi. Hərdəm gətirir mənzərəsi qəlbi sütuhə, Bir qədr camır san yığılıb daməni-kuhə. Bir məskən uzaqdan nəzərə gəlsə də qabil, Yaxşı nəzər etdikdə görürsən mütəmail, Hər yanda böyük xəndəkü hər kuçədə min dağ. Əzbəs tökülüb bir-birinin üstünə torpaq. Murdarlıq ilə həp dolu əsvaqü məabir. Yağmurlu həvalərdə dolaşmaq mütəəzzir. Yay fəsli tutar çən kimi toz ruyi-həvanı, Tozdan dolu xalqın ciyəri, məğzi-dəhanı. Əsdikcə yel afaqı tutar buyi-üfunət, Heç vəchlə mümkün deyil imkani-sükunət. Dünyada olurmuş belə zillətlə məişət?! Aya, bu imiş ruzi-əzəldən bizə qismət?! Aşüftə edib xalqı məgər zəlzələ hövli, Yox, yox! Buna baisdi fəqət məhfəzəquli! Yox kimsə ki, biçarələrin dadına çatsın, Ərbabi-ğinanın başı, yarəb, yerə batsın! Hərçənd yığılmışdı yarım milyon ianə, Bəl etdi onu bir neçə əyani-zəmanə. Ol məhfəzələr şərri əgər olmasa zail, Tapmaz mərəzi-cəhli-vətən Səhhəti-kamil. * * * Dəvət Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat. Elm ilən hasil olur izzət, tapar millət nicat. Səy edin ta bizlərə əhsənlər etsin kainat, Elmsiz ömr etmədən min dəfə ərcəhdir məmat. Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır! Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır! Bax, əcanib bərrü bəhrə elm ilə sultan olub, Cəhlü qəflətlə vəli islam evi viran olub. Dideyi-dinpərvəran bu hala xunəfşan olub. Çarə axtarmaq gərək, həm əhdü həm peyman olub. Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır! Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır! Bu qədər bəsdir təməddün gülşənində xar olaq, Dəm o dəmdir xabi-qəflətdən dəxi bidar olaq, Tərk edək həm ixtilafü iftiraqı, yar olaq, Bu vətən evladının əhvalına qəmxar olaq. Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır! Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır! Arxadaşlar! Çox fənadır aşikara halımız, Qəmfəza bir mənzərə ərz eylər istiqbalımız. Payimal olluq bu növ keçsə gər əhvalımız, Babi-məktəbdən olur hasil qamu amalımız. Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır! Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır! Vaqif olmaqlıq gərəkdir ehtiyaci-millətə, Ariz olmuş dürlü afətlər mizaci-millətə, Səhhət istərsən əgər, səy et əlaci-millətə, Elmdir, billahi, mucid ibtihaci-millətə. Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır! Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır! * * * Nidayi-millət yaxud amali-vətənpərvəranə Ey əhli-vətən, tərk eləyin büğzü ləcuci! Bir dəm arayın halımıza rahi-əlaci! Sönmüş vətənin sərsəri-cəhl ilə siraci, Vicdanları təlx etdi qəmin, məsləh əcaci, Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Yaran, yığılaq bircə quraq məclisi-matəm, Öz halımıza eyləyəlim növhə dəmadəm. İslamın olubdur necə gör rövnəqi bərhəm. Nifrət edir islamın adından bütün aləm. Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Qəflət yetər, agahi-təqazayi-zaman ol! Hali-vətənü milləti gör, əşkfəşan ol! Cəhd eylə təriqi-hünərü elmə rəvan ol! Mərdanə bu meydanə cəladətlə divan ol! Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Bir eylə təfəkkür, necə gör xar olub islam, Ənvai-bəlaya giriftar olub islam, Biizzətü, bihörmətü biar olub islam, Ancaq quru bir ada nigahdar olub islam. Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Bəsdir bu qədər xabi-cəhalətdə ki yatdıq, Millət üzünə babi-tərəqqini qapatdıq. Əslafımızın hörmətü heysiyyətin atdıq, Şəni-vətənü milləti biganəyə satdıq. Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Ətfi-nəzər et, gör necə tutmuş bizi kabus – Kim, səlb olunub qeyrəti-milliyyətü namus. Ey taleyi-mənhus! Əcəb etdin bizi məyus. Eyvah! Tərəqqi ediriz gör necə məkus. Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Afaqi tutub qülğüleyi-bangi-cəzaid. Əqsami-tərəqqivü təalivü fəvaid. Amma olur islamda qəflət mütəzaid. Bu dərdə edin çarə ki, Səhhət ola aid, Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! * * * Fəryadi-intibah yaxud amali-vətənpərvarənə Ayıl, ey ümməti-mərhumə, ayıl! Ayıl, ey milləti-məzlumə, ayıl! Ayıl, ey bülbüli-gülzari-vətən, Nəğmən ilə ola bidar vətən! Sən ki, şəhbazi-yədi-nüsrət idin, Tayiri-sidreyi-ülviyyət idin. Kim səni didəsi giryan eləmiş? Kim səni halı pərişan eləmiş? Sındırıblar nə üçün balü pərin? Hanı ol ruhfəza nəğmələrin? Qanadın altına qoyma başını, Tökmə gül arizinə göz yaşını. Qalx, elə övci-səmayə pərvaz, Bəsdi bu qəflət ilən xabi-diraz. Ayıl, ey xabi-qəmə alüdə! Bu qədər yatma dəxi asudə! Aç gözün, gözlərinin qurbanı! Bir tamaşa elə, gör dünyanı! Xaricilər qabağa düşdü tamam, Nə yaman günlərə qaldı islam. Haləti-nəzə yetişmiş millət, Məhv, nabud oluyor bu ümmət. Ya ilahi, sənə yetməz nə əcəb, Bu qədər naleyi – “yarəb, yarəb?” İndi millət, mədəniyyət dəmidir, Rahi-ümmətdə həmiyyət dəmidir. Qədəməndaz olalım meydanə, Kəsbi-ürfan edəlim mərdanə. Qalxalım, biz dəxi bir ad edəlim, Dövri-əslafımızı yad edəlim. Oxuyaq, elm oxumaqlıq dəmidir, İndi aləm dəxi elm aləmidir. Cəhl edib milləti pabəndi-bəla, Qılalım “Nəşri-maarif”lə rəha. Qəfləti, cəhli fəramuş edəlim, Şahidi-elmi dərağuş edəlim. Kəsbü-elmü şərəfü nam edəlim, Mədəniyyət sarı iqdam edəlim. Bir tərəqqi eliyək dünyadə, Misli nadidə ola ğəbradə. Qibtəbəxşi-həmeyi-aləm olaq. Əşrəfi-növi-bəni-adəm olaq... * * * Qəzet nədir? Ey sananlar qəzeti şeyi-həba. Bu təğafül nə rəvadır, əcəba? Görüyorsuzmu Firəngistanı – Ki, müsəxxər eləmiş dünyanı. O kamalata qəzet baisdir, Çünki hər elmdən o bahisdir. Bütün ol dəbdəbəvü cah-calal, Meyvələrdir, bu qəzet əsl nihal. Didəvü guşi-vətəndir qəzetə. Yəni çavuşi-vətəndir qəzetə. Aləti-durnümadır qəzetə, Çeşmeyi-abi bəqadır qəzetə. Qəzət ayineyi-İskəndərdir, Cümlə sərgəştələrə rəhbərdir. Qürəbalarla gözəl həmdəmdir, Halı aşüftələrə həmqəmdir. Edəsən gər ona hər növ əza, İnciməz zərrəcə səndən əsla. Gah səninçün oxuyar mərəkələr, Gah səninçin danışar məzhəkələr. Gah edər qəlbini əşar ilə şad, Gah edər dürlü vəqaye tedad. Şükr kim, bizlərə də lütfi-xuda Eyləyibdir belə bir nemət əta. Bizdə bu cüzi olan həycanə, Qəzet olmubmu səbəb, aya nə? Bəs gərək səy eyləyək izzət ilən, İştirakında onun hümmət ilən. Olmayaq razı əsə sərsəri-cəhl. Qılmaya məhv bizi ləşkəri-cəhl... Getsə gər badi-fənayə “İrşad”, Olacaq xaneyi-millət bərbad. Sönə gər şəmi – “Füyüzat”i-vətən, Nurlanmaz dəxi zülmati-vətən. Gər zəfər yetsə “Dəbistan”ımıza, Kimdi “Rəhbər” dəxi tiflanımıza? Ağlayıb-gülməyə gər “Molla əmu”, Yatacaq milləti-islam qamu. Yaşa, ey nameyi – “İrşad”, yaşa! Ey edən milləti dilşad yaşa! Ey “Füyüzat” ilə feyzin cari, Səndə var çünki “Həyat” asari. Yaşa, ey “Rəhbəri-əbnayi” vətən, Qıl “Dəbistan” ilə ehyayi-vətən! Çox yaşa, çox yaşa, ey “Molla əmu!” Sizlərə göz tikib islam qamu. Nə qədər var cahan, var olasız! Millətin dərdinə qəmxar olasız! * * * “Ey vətən, getmə ki, əldən gedəriz” Ey vətən, getmə ki, əldən gedəriz! Biləriz fərz sənin xidmətini! Nəqdi-can eşqinə isar edəriz, İstəriz vəzi-fəlah heyətini! * * * Naleyi-təhəyyür yaxud millətə xitab Nə idin dün, nə olmusan bu zaman? Millət, ey banisi-həyati-vətən! Oyan, ey milləti-əziz, oyan! Sənə vabəstədir nicati-vətən. Nə idin dün, nə olmusan əknun? Gün ki, çoxdan çıxıb, nə çox yatdın? Millət, ey sübh ulduzum, nə üçün, Bir işıqlanmaq ilə tez batdın? Nə idin dün, nə olmusan, ey vah! Sən ki, dünyaya pərtövkən idin. Olmusan indi qanlı zülmətgah, Sən ki, afaqa şəmi-rövşən idin? Nə idin dün, nə olmusan, yarəb! Hanı, ey vah, o şan, ol şərəfin? O işıqlı günün olubdur şəb, Bərhəm etməz cəhanı vaəsəfin. Nə idin dün, nə olmusan, əfsus! Gec oyandın bu qəmli röyadan. Yoxsa tutmuş məgər səni kabus?! Açıl, ey sübh, leyli-yeldadən! Nə idin dün, nə olmusan hala? Gül kimi bir zaman açıl, çiçəyim. Dövr elə əzmi-ovci-istela. Xaliqimdən budur mənim diləyim. Nə idin dün, bu gün nə oldun sən? Hürr ikən əbdi-natəvan oldun. Niyə bəs qönçəlikdə soldun sən? Ey baharım, nə tez xəzan oldun? * * * Dilbəri-hürriyyətə A sevdiyim, aç bir niqab üzündən, Məcnun tək Leylaları divanə qıl! Xosrovlar bəzmində Şirin sözündən, Şuriş sal tazə bir əfsanə qıl! A hürriyyət! A münfərid əməlim! İştə sənsən səadəti bəşərin. Könlümdəki ən istəkli gözəlim, Rəfahəti, fəlahəti bəşərin. A sevdiyim, neçün fərar edirsən? Üz döndərmə, getmə, şitab eyləmə! Könülləri çox biqərar edirsən. Aç bir üzün, göstər hicab eyləmə! * * * Yad et! Vəqta ki, keçər bu leyli-zülmət, İşraq edər əxtəri-həqiqət, Elm ilə ziyalanar bu millət, Qalxar bu təəssübü cəhalət, Surət hamı ruh olar, məani, Aləm hamı eşq olar, məhəbbət, Ey dərk edən ol gözəl zəmani, Qıllam sənə iştə bir vəsiyyət! Yad et məni, qaibanə yad et! Vəqta ki, gələr o şanlı əyyam, Olmaz günə əbri-tirə hail. Hər yerdə olar güruhi-islam, Qanuni-təkamül ilə kamil. Bir fəcri-həyat bizi-ürfan, Saçdıqca cahana nuri-hikmət. Bir çöhreyi-xəndərizü şadan – Verdikcə cahaniyanə nəzhət, Yad et məni, arifanə yad et! Vəqta ki, qaçar səhabi-övham, Bir dadlı üfüq olar nümayan. Xurşidi-həq eylər ərzi-əndam, Məsud yaşar ümum insan. Baxdıqca, cəvanibü nəvahi Behcətdə olar riyazi-cənnət. Rövşən olar etila səbahi, Payanə yetər bu qəm, bu möhnət. Yad et məni, sadiqanə yad et! Vəqta olar ittihadi-ara, Qalxar bu təanüdü təxəllüf. İslam olar elmü fənnə dara, Mazisinə eyləyər təəssüf. Bir ləhzə məni təxəttür eylə, Olduqca qədəmgüzari-izzət. Bədbəxtliyimi təsəvvür eylə – Kim, öldüm, ürəkdə qaldı həsrət, Yad et məni, dustanə yad et! Vəqta ki, yetər zəmani-hazir, Gül tək açılar tutuq ürəklər, Torpaqda yatar bu qəmli şair, Qəbrində çıxar soluq çiçəklər. Batində olar o halə nazir, Həsrətlə bu dağidari-firqət. Bax millətə, eylə sən təfaxür, Amma ki, bəxatiri-üxüvvət. Yad et məni, aşiqanə yad et! * * * Vaveylayi-nifrət Təməddün əhli olmuş elm ilə alim, ziyalanmış. Pozulmuş milləti-islamın əxlaqı, fənalanmış, Ülumi-dinü dünya kəsbinə məmur ikən bizlər. Fəqət bir elmi-din əxz etməyə xalq iktifalanmış, Nə qəflət! Elmdən eylər təbərra vaizü qazi. Vahalonki qivami-şər elm üzrə binalanmış, Qaçıb elmin pərisi kişvəri-islamdən Qərbə. O yari-dilrübayə əhli-məğrib aşinalanmış, Dolub Əhriməni-cəhl ilə Şərqin darülimani. Tutub əmrazi-nəfsaniyyə xalqı, mübtəlalanmış, Bu yanda hökmfərma din adı altında dinsizlik. O yanda elmi-əxlaq ilə bütlər etidalanmış. Bu yanda zülmü istibdadi-dinidən, məazzallah, Həzaran dürlü mövhumat ilə başlar həvalanmış. O yanda sayeyi-hürriyyəti-əfkardən başlar. Çıxıbdır övci-ərşə gün kimi gitinümalanmış, O kəs kim dami-təzvir eyləmiş övradü əzkari. Deyərlər müttəqidir, saqqalı ağdır, hənalanmış, Baxılmaz siyrətü əxlaqa ya ətvarü rəftara, Müqəddəsdir hər ol kəs kim, ridalanmış, əbalanmış, Vəli hər kəs ki, təğyiri-libas etsə, haman saət. Nəzərlərdə olur mənfurü məyub, iftiralanmış, Əgər bir yerdə bir haq söz desə, qətli olur vacib. Deyərlər kafir olmuş, rahi-həqdən inhinalanmış... Hanı bir kəsdə cürət, dəm vura həqqü həqiqətdən, Səbahi-tirədə şəmsi-həqiqət ixtifalanmış. Təməddün yox, təəllüm yox, təğafül çox, təcahül çox. Ürəklər lövhəsində nöqteyi-beyza qaralanmış. Bu dərdə öz təbibi-haziqin göndər, əlac etsin, Məzaci-milləti-islam Səhhətdən cidalanmış. * * * Yaz Qızışdırar bahar ayı yerin, göyün havasını, Dəyişdirər, tünüklədər xəlaiqin libasını. Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir, Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir Bitər çəməndə lalələr, əlində al piyalələr, Səhər zamanı dür kimi düşər ot üstə jalələr. Sürü-sürü qoyunları çoban yamacda otladar, Alar ələ papağını, oxur şikəstə, fit çalar. İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa, Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. Taxıl yerin şum eyləyib əkin əkər əkinçilər, Əlində dəryaz ot biçər mayıs ayı biçinçilər. * * * Yay Təmuz ayında dan yeri ki, başlayar açılmağa, Səmaya doğru qırmızı alov durar saçılmağa. Kəsər qərarü taqətin yayın havası quşların; Qaçar ağaclar altına, gələr sədası quşların. Divar dibində kölgədə xoruz, toyuqlar uyqular, Naxırçılar qaramalı sürüb sərin suya salar, Bürünməsilə alnının tərin əkinçilər silər, Hərarətin sərinlədən havada bir külək dilər. Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr, Gilasü, albalı, kahı, xoş iyli sarı heyvalar. Biçər biçinçi arpanı, döyər əkinçi xırmanı, Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı. Əgər ki, yayda zəhməti əkinçinin ziyad olur, Ziyad olursa, qış günü o da qədr şad olur. * * * Payız çağında Payız çağında hər səhər soyuq-soyuq külək əsər. Ağaclara, budaqlara dəyəndə yarpağın tökər, Xəzan ayında meyvələr şüru edər savılmağa. Bazara turp, kök, kələm, soğan gələr satılmağa, Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa. Köçər o vaxt el-oba, enər tamamı qışlağa, Günüzlərin qısalması yetər bu vaxt qayətə. Gecələrin uzanması yetər o dəm nəhayətə, O vaxt şəhrü qəryənin məkatibi güşad olur. Oxumağa uşaqların həvəsləri ziyad olur. * * * Qış Payız çatanda axıra boranlı, qarlı qış yetər, Soyuq, yağış, küləkli qar xəlaiqi məlul edər. Havanın onda artırar soyuqluğunu günbəgün, Ağacların vərəqləri düşər, xəzəl olar bütün. Donar şirin sular bütün, düşəndə şaxta onlara, Məşəqqət ilə sındırıb qarı yığarlar ambara. Dəyirman işləməz, donar, gəliş-gediş çətinlənər, Bazarda nırxı şeylərin o dəm ziyadə yüksələr. Qopanda qarlı fırtına cahanı tar-mar edər, Qırar, yıxar ağacları, qiyamət aşikar edər. Sükuta dalıyor meşə, cahanı başqa hüzn alar, Qar üstə ol zaman fəqət qırıldaşar da qarğalar. Qaçarlar isti yerlərə tamam quşlar ol zaman, Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan. Geyər cırıq bürünməsin soyuqda titrəyər, əsər, Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. * * * Vətən Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə nanü nəmək, Vətəni, məncə unutmaq nə demək?! Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür kim, dolanıb qanım olub, O mənim sevgili cananım olub, Saxlaram gözlərim üstə onu mən. Ölərəm əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən – əcdadımızın mədfənidir. Vətən – övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz. Olsa, ol şəxsdə vicdan olmaz. * * * Müsəlman ürəfaları Yeri düşsə əgər müsəlmandır, Vaxt olur ya İvan, ya Vartandır. O nə bundan, düzü, nə ondandır, Yeni bir şey, əcaib insandır. Geyinir “en qrand”, gəzir “ala-şiq”, Başda bir şapqa, əldə bir zontiq. Rus, frəng ləhcəsi deyir “bon”dur, Türk dilin sevməyir: “moveton”dur. Nə “Həqiqət”, nə də “Günəş” oxuyur, O ya “Morninq” və ya “Deba” oxuyur. Danışır ya frəngi, ya rusi, Metropoldur yeri, ya San-susi. Yuxudan durmağı saat birdə, Çay içir orda, yatdığı yerdə. Saat üçdə durur yeyir “dine”, Saat altı olar, yeyər “dejune”. Professor olub bizim “müsyö”, Öyrənib “bonjur” ilə bir “adyö”, Götürür felyetondan ünvanı, Dağıdır söhbət ilə dünyanı. Mətləbi başlayır o, Homerdən, Danışır Getedən, ya Şillerdən. Bəd deyil Kant, Marks ya Bualo, Vəli xoş gəlməyir ona Hüqo. Adların öyrənib bu əşxasın, Başın aldatmağa əvam-nasın. Təkcə o, arif, aqil insandır, Başqalar cümlə vəhşi, heyvandır. Bir ağıllı odur, qalan dəlidir, Əcəba, halbuki o cəzvəlidir. Dolanır restoranları sərxoş, Cibi boş olsa səhldir, başı boş. Millətin boynuna qoyur minnət, Umur etsin hamı ona hörmət. Onun axmaqlığı mühəqqəqdir, Ona hörmət edən də əhməqdir. * * * Alimnümalar Üzü insan, qafada heyvandır, Zöhddə iddiası Səlmandır. Ərəbi bir uzun don əynində, Mündəris bir əba da çiynində. Qoymuş on beş yetimi bicamə, Başına bağlamışdır əmmamə. Keçirib mütəxanələrdə günün, Yeyib ancaq yoğunladıb boynun. Qürbət içrə gedib gəzir neçə il, Fikr edir bəsdir etdiyim təhsil. İndi Allah vəkili oldum mən, Şəri-ənvər dəlili oldum mən. Bir cahangir, bir cahannəxvət, Vətənə onda eyləyir övdət. Hər zaman xalqı etməyə iğfal, Gətirir bir şələ uzun saqqal. Xalq bir-bir gedib öpürlər əlin, Anlamaz kimsə hiyləsin, əməlin. Bir nəfər baş çıxartsa fəndindən, Doğradar orda bənd-bəndindən. Millətin ehtiyacına dair – Danışan kəsləri edir kafir. Vird edib kafir olmayan sözünü, Qulağın kar edib yumub gözünü. İbn Sinanı eyləmiş kafir, Rumi Movlanı eyləmiş kafir. İşi başdan-ayağa qüllabi, Söyləyir kafir oldu Farabi. Öyrənib hiyleyi-şərin mütləq, Başına cəm edib neçə əhməq. Bərşikəst eyləyir də məxluqi, Tovlayıb doldurur da sənduqi. Bu bizə pişvayi-din olmuş, Füqərə malına əmin olmuş. Vay bizim tirəbəxt halımıza, Vay fəlakətli bəd məalımıza! Belə millət itib puç olmazmı?! Qanlara qərq olub boğulmazmı?! * * * “Sabir, ey şairi-dühapərvər” Sabir, ey şairi-dühapərvər. Eylədin ərşi-kibriyayə səfər, Can kimi sevdiyin yazıq millət. Hələ səndən umardı çox xidmət, Təngnayi-cahanı tərk etdin. Əndəlibim, nə tez susub getdin?! Müqtədir, binəzir şair idin, Hər bəla gəlsə idi sabir idin. Yoxsa səbrin tükəndimi, Sabir! Bizə könlün gücəndimi, Sabir! Dəmbədəm qəm çəkər ikən ruhin, Dözmədi yoxsa qəlbi-məcruhin? Millətin dərdi ilə qəmləndin, Bulmadınmı dəva, vərəmləndin? Keçdi ömrün əzabü zəhmət ilə, Min mərarətlə, min məşəqqət ilə. Əbəda görmədin cahanda rifah, Uf... sənə rəhmət eyləsin Allah! Firqətindən yanar cahanilər, Səni alqışlar asimanilər. Səndən əqdəm bu yerdə bəzmi-süxən – Gülxən idi, nəinki bir gülşən, Ona sən verdin abü rəngü həyat. Rəşki-xüld oldu aləmi-əbyat, Yeni bir şivə ixtiyar etdin, Ədəbiyyatı növbahar etdin. Yağdırıb zülmə, cəhlə bariqələr, Göstərirdin bəyanda xariqələr. Gözümüzdən üzün nihan oldu, Gülşəni-şövqimiz xəzan oldu. Ağladıb, güldürürdün insanı, Ağladır mövtin əhli-vicdanı. Sabirim! Get, müqimi-rizvan ol! Vəli ordan bizə nigahban ol! Etmə nisyan sevimli millətini, Eylə ikmal o yerdə xidmətini. Dərgəhi-həqqə iltica eylə! Bizə imdad üçün rica eylə! Şafi olsun sənə rəsuli-ənam, Sən dua eylə yatmasın islam. * * * Sabir Sabir, ey alami-xəlqə tərcüman! Ey hər anda kasə-kasə zəhr udan! Ey qoca bir qövmə ağlarkən gülən, Naləsilə xalqı dağlarkən gülən. Gülməyində qanlı-qanlı giryələr Hər müsəlman könlünü məhzun edər. Qəm sənə ol qədr təsir eyləmiş, Giryəni hüznün gilovgir eyləmiş. Bir acı gülmək olub ondan əyan, Kəsrəti-alamını eylər bəyan. Şeirdə tərhi-növ icad eylədin, Qoqolu, hüqoları yad eylədin. İqtidari-şairanən faşdır, Sən günəşsən, hasidin xəffaşdır. Etmərəm qaib səvadi-naməni, Ruhbəxş asari-novki-xaməni. Xatirim şerinlə şirinkamdır, Layiqi-təqdiri-xassü amdır. Tərzü üslubi-bəyanın sadədir, Cəzbi-qəlb etməkliyə amadədir. Xassdır bu şiveyi-rövşən sənə, Mərhəbalar, Sabirim, əhsən sənə! Ey mücəssəm duyğu, ey ülvi bəşər, Ey çamurluq içrə düşmüş saf zər. Tənü lən eylərsə hər nadan sənə, Ya müsaid olmasa dövran sənə. Qəm yemə, təxfif ver alamına, Az çəkər, heykəl yaparlar namına. * * * Tərəqqi və təbiətin qanunu Yay fəsliydi, bir gün axşam çağında, Gəzişirdim Qız qalası dağında. Bir-bir baxırdım ol köhnə asara. Viran olmuş sura, bürcə, hasara. Qərib-qərib, mübhəm-mübhəm xəyallar Gəlirdi fikrimə dürlü suallar. Deyirdim ki, dünya bir şəxsə bənzər, Doğar, törər, nümüvv edər, yüksələr. İnsan kimi hər dövrə bir az yaşar, Sonra yavaş-yavaş ixtiyarlaşar. Ölər, qalar bir-iki viranəsi, O da olar bayquşların lanəsi. Bir müəyyən qanun üzrədir həyat, Bir doğuş, bir təkamül, bir inhitat. Böylə qoyulmuş aləmin binası, Dəyişməkdir tərəqqinin əsası. Dəyişmək olmasa tərəqqi olmaz, Təbiətin bu qanunu pozulmaz. Dəyişməklə mümkün olur təkamül. İnsan doğar, törər, edər tənasül. Təbiətdən gərək alınsın ibrət, Təcəddüdlə olur bəqai-millət. Dünyanın əvvəlindən ta bu halə, Aləmdə olmuş min-min istihalə. Hanı əski Roma, əski yunanlar? Hanı əski tərəqqilər, imranlar? Min-min belə saysız binalar yıxmış, Sonra yeni bir mədəniyyət çıxmış. Hanı əski asurilər, kəsrilər? Hanı əski kəldanilər, misrilər? Cümləsini məhv eyləmiş zəmanə, Hər birindən qoymuş cüzi nişanə. Bu ondandır: vaxta görə təkamül – Etmədilər, göstərdilər təkahül. Bu ondandır: zəmanəyə müvafiq – Dəyişməyib, çıxardılar əvaiq. Boş etiqadlara məğrur oldular, Puç olmağa axır məcbur oldular. Hansı şeydir dəyişməyən dünyada, Göyərtidə, heyvanatda, havada? Neçün dəyişməsin fikri insanın, Təqazası deyilmi bu dünyanın? Tarix bizə göstərmirmi bu halı? Cahil qövmün mühəqqəqdir zəvalı! * * * Oxucularıma Ey möhtərəm qarelərim! Topladığım bu əşar, Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır. Mötərifəm ifadəcə, onda pək çox nöqsan var. Divanəlik asarıdır, məsulluqdan azaddır. Zira könlüm həvəslərin pəncəsində zəbundur. Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur. Əvət, soyuq bir əsərdir, məmnun etməz heç kəsi, Soyuqluqdan ancaq mənim xatirimi yandırır. Toxunmadan sızıltılı çıxan həzin naləsi, Əldən düşmüş bir “Sınıq saz” olduğunu andırır. Düşündükcə mən şerimin soyuqluğun gizlicə – Çox ağlaram, odlu, yanar ürək ilə hər gecə. Ağlım çatmaz, zehnim yetməz, ruhum fəryad qoparar. Vicdanımı əzər ikən ən dəhşətli həqayiq. Uyku görmüş bir lalam mən, aləm əhli bütün kar, Söyləməkdən mən acizəm, dinləməkdən xəlayiq. Mən sakitlik bacarmaram, yox, xaric əz-imkandır. Məğzimdəki cünun dağı çün bir yanar vulkandır. * * * Tərcümeyi-halım yaxud hululu Eşq zənciri qırıldı, yol açın, Ey uşaqlar, hululu gəldi qaçın. Od saçır ağzı, vücudu alışır, Od tutar kim ona bir dəm yanaşır. Məğzi bir saiqə, bir vulkandır, Könlü niyran, əməli xüsrandır. Uçurumlar, qayalar məskənidir, Qanlı, müdhiş quyular məmənidir. Daldığı fikri dərin dəryalar, Düşdüyü eşqi çətin sövdalar. Qəlbi qan, halı yaman, xanəxərab, Göz yaşı içdiyi su, bağrı kəbab. Satdığı cinsi böyük niyyətlər, Aldığı nəfi fəna töhmətlər. Fikri ali, bədəni xarü zəlil. Adı Səhhətkən, özü xəstə, əlil. Qanlı əllərlə tıxanmış nəfəsi, Bağırır, çıxmayır amma ki, səsi. Çırpınır bəlkə qutarsın özünü, Dinləyənlər eşidərlər sözünü. Şişə çəksəz də diriykən ətimi, Atmaram mən vətənü millətimi. Məsləkim tərcümeyi-halımdır. Lütfi-həq qayeyi-amalımdır. * * * Bəyani-hal Keçmişdə süxənvərani-agah, Olmuş nüdəmayi-məclisi-şah. Əşarın edən zaman qiraət, Şairlər alıb maaşü xələt. Ya hər sözünə bəvifqi-dilxah, Almışlar əqəlli barəkallah! İndi dəyişib bütün qərinə, Almazlar onu bir “afərinə”. Təkfir olunur bu əsri-hazır, Hər kim ki, ola ədibü şair. * * * Şikayət Dersəm mən əgər süxən zəmani – Kim, mərifətin rəvacı yoxdur. El tənə ilə deyər filani – Divanə olub: əlacı yoxdur. Bəzisi deyər: təbiidir bu, Bəzisi deyər ki, “babi” olmuş. Gah sünni deyər ki, şiədir bu, Əfyunə uyub şərabi olmuş. Bu firqeyi-cahilü əvamı, Yarəb, sən özün hidayət eylə! Yox sədməyə ruhimin dəvamı, Lütfünlə mənə himayət eylə. Bir bəndeyi-asiyəm, ilahi, Hər dürlü əzabə müstəhəqqəm. El hər nə desə, nə qəm, ilahi, Arifsən özün ki, əhli-həqqəm. * * * Aləmi-islama Dinlə əlhanını sınıq sazımın, Millətə qəlbən ağlayan bacıdır. Odlu məzmunları soyuq yazımın Xəstə ruhun davasıdır, acıdır! Xəstəlik olmuş olsa ruhani, Nəf qılmaz əlaci-cismani. Sən, ey afaqi-növhəbari-həzin! Nə üçün xəstəhalü nalansan? Qoparıb məhşəri-fəqanü ənin. İnləriz biz də ta pərişansan. Gülmədən sən gülərmi heç üzümüz? Tərəbəngiz olarmı ya sözümüz? Nə fəqət qəbi-zarımız ağlar, Günümüz şam olub keçər qəm ilə. Ruhumuz, həm məzarımız ağlar, İlimiz başlanar məhərrəm ilə. Musiqimiz də qəmli-qəmli çalar, Ağlamaq ilə könlümüz açılar. Daha artıq bu yəsü kərbətdə, Səni görmək bizə həram olsun. Yaşamaqdan bu hali-zillətdə, Xoşdur ölmək, şərəfli nam olsun. “Ey, sən ey nəcmi-zahiri-dərxab” Oyan, artıq ürəkdə qalmadı tab! Açıl, ey şəmsi-qəm səhaibdən, Yüksəlib dövreyi-kəmalə yetiş! Qutar, ey sevgilim, məsaibdən, Xubruluqda etidalə yetiş! Çıx ki, bitsin ləyali-firqətimiz, Gül, tükənsin dümui-həsrətimiz! * * * Ölü şəhər Kim baxarsa haçaq bizim şəhərə, Bir məzarlıq kimi gələr nəzərə. Hökmfərmadır onda sümtü sükut, Sarmış afaqını dumanlı bulut. Rəxnələnmiş həsarü divarı, Səqfi çökmüş qədimi asarı Qəmli mazisini hekayət edər, Taleindən bütün şikayət edər. Nə gurultu, nə küy, nə səs vardır, Bir neçə ruhsuz qəfəs vardır. Dirilikdən əsər-əlaməti yox, Həşri var, şurişi-qiyaməti yox. Bəs ki viran, uçuq, pərişandır, Tibqi bir vadiyi-xəmuşandır. San yapılmış nişanədir qəmdən, Ya ki, bir qitə cismi-aləmdən. Kəsilib bir yana atılmışdır, Xakinə abi-qəm qatılmışdır. Qışda hər yanda lil, çamur, palçıq, Yayda tozdan havası olmur açıq. Gecə hər səmti qapqara zülmat, Nə Xızır var, vəli nə abi-həyat. Qaradır xalqının günüz də günü. Qovuşubdur bulutlara tütünü. Qəhri-ənqaz ilə səqətliyi var, Daha bədtər adam qəhətliyi var. Getməyib hər kəsi ki, qalmışdır, – Dərdü qəmdən şaşıb bonalmışdır. Bisəmər giryələr ilə dilşad, Cümlənin şüğlü boş bir istimdad. Bixəbər elmü fənni-dünyadən, Müftəxir ixtilafi-bicadən. Qopsa aləmdə şurişi-məhşər, Ölü tək onlara heç etməz əsər. Diridirlər əgərçi surətdə, Ölüdürlər, vəli, həqiqətdə. * * * Yadındamıdır? Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım, Ey idulim, ey idyalım, ey sevgili yarım, Yadındamıdır mazi – o keçmiş gözəl əyyam? Yaz fəsli, gözəl bir gecə, nurani bir axşam? Ay bədr idi, on dörd gecəlik saf səmadə. Afaqə fərəhbəxş idi əşraqü ziyadə. Bir parça bulut hərdən edib gərdişi-şirin, Ağuşə çəkirdi qəmərin qürsi-münirin. Bir ləhzə ayın dövrü yarımzülmət olardı, Sonra çəkilirdi bulut, ay bir də çıxardı. Naz ilə baxardı gülərək ruyi-zəminə, Bənzərdi həyadən yaşınan tazə gəlinə. Yadındamıdır ol gecə? Həmsağərü həmduş Ol mənzərəyə qarşı çəmən üstə həmağuş, Yalnız ikimiz yan-yana əyləşmiş idik şad, Bir cənnəti-əladə qəmü qüssədən azad. Çatmışdı budaq baş-başa sərvü gülü şümşad, Bir çətri-təbii yədi-qüdrət edib icad. Ay nuru yaşıl yarpaq arasında firuzan, San təbiyə olmuşdu zümürrüdlə brilyan. Canpərvər idi çeşmeyi-safın cərəyanı, Zövqavər idi səfheyi-ayın ləməanı. Seyr eylər idik ol fərəhfza çəmən üstə. Ahəstə oxurduq dəxi rindanə şikəstə. Hərçənd ki, yox indi ümidim o vüsalə, Neylim, gəlirəm naləyə düşdükcə xəyalə. Əksi-rüxun olmuş dili-qəmididə də mənquş, Haşa, olasan dövri-zaman ilə fəramüş?! Getdinsə də, getməz ürəyimdən qəmi-eşqin, Məncə iki dünyayə dəyər aləmi-eşqin. Yoxdur həvəsim sərvü gülü laləyə sənsiz, Bülbül kimi daim gəlirəm naləyə sənsiz. * * * Füzulinin bir qəzəlini tərbi Dərdə düşdüm əsərindən sitəmi-hicranın, Çarədən ötrü dolaşdım nərəsin dünyanın. “Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın”. Eşq ikən ruzi-əzəl xilqəti-aləm səbəbi Vaizin xalqı nədir nəhyi dəmadəm səbəbi, “Olsa məhbubların eşqi cəhənnəm səbəbi, Hurü qilmanı qalır kəndisinə rizvanın”. Mələyim, nuri-cəmalın səri afaqa dolub, Atdı bütxanəni Çin əhli, sənə səcdə qılıb. “Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub, Nə mələksən ki, xərab etdin evin şeytanın?” Vur nə qədər istər isən ox ciyərim yarəsinə, Getmərəm hərgiz ətibba yanına çarəsinə. “Vurmazam Səhhət üçün mərhəm oxun yarəsinə, İstərəm çıxmaya zövqü ələmi-peykanın”. Qoydu könlümdə fələk istədiyim hər diləyi, Şöleyi-ah ilə mən də yaxaram nöh fələyi. “Yerdən ey dil, göyə qovmuşdu sirişkin mələyi, Onda həm qoymayacaqdır oları əfqanın”. Dili-divaneyi-Səhhət edəməz tabi-cünun, Onu seyd etməsə zülfün kimi qüllabi-cünun. “Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun, Gör nə qəhrin çəkirəm dönə-dönə dünyanın”. * * * Nitqi-mənzum Qardaş, gözün aç, bircə oyan, gör nə zəmandır, Dünya üzü elm ilə bu gün rəşki-cənandır. Afaqı işıqlatmış iyirminci qərinə, Məğriblilərin yer üzünə hökmü rəvandır. Bəsdir bu qədər qəflət ilə yatdın, əzizim, Allahı sevərsən, bir ayıl, yatma, oyan, dur! Diqqətlə öz əhvalına bir dəm nəzər eylə, Billah, bu qədər qəflətin əncamı yamandır. Din getdi, vətən getdi, dəyanət unuduldu, İslamdan ancaq quru ad virdi-zəbandır. İslama yaraşmaz bu qədər iczü-rəzalət. Bica yerə islam adını qoyma, yalandır. İslam olanın elmü kəmalı gərək olsun, Əslafımızın şöhrəti məşhuri-cəhandır. Türk oğlu, müsəlman balası cahil olarmı? Billah, belə eybi daşımaq xeyli girandır. Elm ilə, şücaətlə gərəkdir yaşayaq biz, Fitrət dəyişir, sanma bu qan yenə o qandır. Quran buyurubdur bizə alim gərək olmaq, Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır. Qanuni-həyatdır: yaşamaz cahil olan qövm, Səy eylə oxu, qeyrət elə, qardaş, amandır! * * * Tohid Bu nə heyrətfəza səmayi-rəfi? Bu nə biintəha fəzayi-vəsi? Niyə xurşid atəşəfşandır? Niyə qürsi-qəmər dirəxşandır? Bu nə biəd səvabitü səyyar? Bu nə bihəd kəvakibi-dəvvar? Kim bu tədadı binəhayət edər? Niyə durmaz bular, səyahət edər? Bu nə ibrətnüma büruzü zühur? Nurdən zərrə doğdu, nerdən nur? Fikr qıldıqca hər qədər insan, Olur əlbəttə aqibət heyran. Acizəm dərki-sirri-xilqətdən, Kimdir agah olan həqiqətdən? Nə xəfadır, xəfası eyni zühur, Zahir ikən olub vəli məstur. Nə təhəyyürfəza zühurü xəfa. Təbbət sübhanə rəbbiyəl əla. Əcəzəl, vasüfun ən süfətik, Ma ərəfnakə həqqə mərifətik. Varlığın gün kimi nümayandır, Buna hər zərrə faşi-bürhandır. Limənil mülk əmrin et izhar, Əntə Allah vahidül qəhhar. Gərçi dərk etmirik həqiqətini, Görürük leyk şanü qüdrətini. * * * Məst yaxud sərxoş Of, bu məstin nə fəlakətli, yaman haləti var, Nə kərih mənzəri, bəd surəti, pis adəti var. Yıxılıb palçığa, tutmuş kimi sərsəm yuxusu. Nə üfunətli çıxır ağzının iymiş qoxusu. Düşdüyü yerdə düşübdür, bulaşıb üstü, başı, Cəlb edər nifrəti ətrafına muhiş baxışı. Paltarı varsa, girovdur, ya soyub ac lotular, Papağı, çəkməsi yox, kirli, cırıq köynəyi var. Getmək istər, dura bilməz, yıxılar, gah qalxar; Gah gülər, gahi təhəvvürlə söyər, sarsaqlar. Əsərək meyl eləyər gahi sağa, gahi sola, İki addım gedə bilməz, yıxılar bir də yola. Başı sınmış, üzü şişmiş yıxılıb-durmaqdan. Tərbiyətsiz, pis uşaqlar daş atıb, vurmaqdan, Örtülübdür gözünün üstü, şişibdir, qaralıb. İçki yıxmış bütün əsabın, rəngi saralıb, Ömrü sərxoşluq ilə badə gedib ləzzətsiz. Ac, səfil, müflisü biçarə yaşar izzətsiz, * * * “Yoldaşım üçün göz yaşı” Getdin, niyə gəlmədin, həbibim? Ey vah, o nasıl yaman gedişdi. Atdın vətəni neçün, qəribim, Arxandan əcəl məgər yetişdi? Ax, bilməyirəm nə növ qıymış, Qurşunla səni edən kəs itlaf? İnsanlar, aman nə zalım imiş! “Şeytanlar edərdi bəlkə insaf!” Uçdun, mələkim, neçün yox oldun? Əflakə apardımı mələklər? Rəna çiçəyim, nə tezcə soldun?! Bilməm niyə az yaşar çiçəklər? Yahu, uzun ömrü yaz deyilmi? Dərdi-dilimi nolaydı bir dəm, Layiqlicə şərh edə biləydim. Olsaydı qübari-xatirim kəm, Bəlkə gözümün yaşın siləydim. Amma nə edim, bu mümkün olmaz, Zira səni bir də görmərəm mən. Qan ağlasa göz, könül yorulmaz, Daim qılaram ölüncə şivən. Ta sən Bakı qumlarında yatdın, Şirvanda mən ağlaram hər anda. Sübh ulduzum, ax, nə tezcə batdın? Dan ulduzu tez batar çıxanda. Bir dəm yaşayış çox az deyilmi?! * * * Bir məktuba cavab Məsləkin hikmətin qəvaidinə, – Ey bəradər, bütün mənafidir. Namənin əslinə, zəvaidinə, Sözlərim bir cəvabi-şafidir. Etiraf eylərəm ki, fikrincə, Ədd olursan zəvati-nadirdən. Olma qafil və leyk sən bunca – Bir müqəddəs vücudi-qadirdən. Kainatın rümuzi-xilqətinə, Kimsə vaqif deyil, bu zahirdir. Xaliqi-aləmin hüviyyətinə, Öz vücudun dəlili-bahirdir. * * * Özlərini sevənlərə Tutalım çox ağıllı tacirsən, İş aparmaqda xeyli mahirsən. İqtidarın, malın, pulun çoxdur, Xalqa ondan vəli, kömək yoxdur. Sandığında var isə milyonlar, Nəf görmür əgər müsəlmanlar. Tüf sənin mülkü malü dövlətinə, Həm sənə, həm də şənü şövkətinə! Pəhlivanlıqda gər müsəlləmsən, Fərz edək Zal, ya ki, Rüstəmsən. Etmisən şanlı-fəthü zəfər, Tapmısan aləm içrə şöhrətlər. Xəncərin qorxudursa, dünyanı, Millətin olmasa nigəhbanı. Tüf sənə, həm sənin rəşadətinə, Həm də şəmşirinə, şücaətinə! Gər adın bir ədibi-danadır, Qələmin möcüzi-Məsihadır. Nəzmü təlifdə hünərvərsən, Ya ki, bir şairi-süxənvərsən. Sənə mafövqdən gəlir ilham, Nəf görmürsə firqeyi-islam, Tüf sənə, həm sənin kitabətinə, Həm də təqririnə, fəsahətinə! Yox isə tay sənə məharətdə, Müxtəresən fünuni sənətdə. İşləməkdən qolun yorulmaz isə, Vəli, islama nəf olmaz isə. Kəndi nəfsinçin işləyirsən əgər, Verməyirsən ümumə faidələr. Tüf sənə, həm sənin məharətinə, İxtira etdiyin sənaətinə! Sən ki, darülfünun qurtarmışsan, Elmdə intəhaya varmışsan. İsmü rəsmin cahanı tutmuşdur, Amma islamını unutmuşdur. Sənə möhtacdır müsəlmanın, Razı olmur vəli cibişdanın. Tüf sənin elmü fənnü hikmətinə! Həm sənə, həm də ol fəzilətinə! * * * Yay gecəsi Axşam oldu, gün batdı, şamlar yandı, Ta səhərdən axşamacan durmadan. Gün altında tər tökərək çalışan, Əkinçilər, biçinçilər uzandı. Yorğun-arğın hərə bir yanda yatır. Hər şey sakit, hər yer səssiz-səmirsiz, Ancaq hünü, milçəklərin vız-vızı, Bu sükutu pozur... Əkinçi qızı. Uykuda bürküdən, milçəkdən girsiz, Qollarını bu yan, o yana atır. Var bu kənddə yenə elə yoxsullar, Nə cütü var, nə kotanı, nə kəli. Ölmək istər, yetişməyir əcəli, Allahpayı dilər, ağlar, zoqquldar. Axşamacan xırmanları dolaşır. Ey insanlar, fərz deyilmi, bizlərə, Rəhm eyləmək, əl tutmaq acizlərə? Onların da var buz kimi ürəyi, Bir arzusu, bir eşqi, bir diləyi. Onlar sizdən daha artıq çalışır, Yaşamaqçın hər zəhmətə alışır. * * * Yay səhəri Əkinçilər, – yay gecəsiydi kənddə – Yorğun, arğın yeni çimir etmişdi. Arvad, uşaq xırmanlarda, həyətdə, İşdən qurtarmış, uykuya getmişdi. Birdən xoruzlar hinlərdə banladı, Qarı nənə sübh olduğun anladı. Səs eylədi, – oyandı oğlu, əri, Əsnəyərək qalxdı yataqdan bular, Çağırdılar nökərləri, rəncbəri, Oyandılar səsə qohum-qonşular. Azan səsi gəlir minarələrdən, Çıxır çölə xəlayiq darələrdən. Böyük-kiçik, rəiyyət, xanım, ağa, Yapışdılar hər biri bir peşəyə. Gəlin gedir inəkləri sağmağa, Odun gətirməyə nökər meşəyə, Biri gedib ələf tökür kəllərə, İri baxır xırmandakı vəllərə. Günəş çıxır, dağdan uçur dumanlar, Həvəslə istinin, tozun içində. Çalışırlar bu bir yığın insanlar, Xırmanlarda, tarlalarda, biçində. Bu zəhmətlər şərh olunmaz, uzundur, İnsaniyyət həp bunlara mədyundur. * * * Əkinçi nəğməsi Darı küncüt, arpa, buğda əkməsəm, İlin üç fəslində zəhmət çəkməsəm, Ac qalmazmı gözəl, məsum uşaqlar? Mənsiz kətan, kəndir verməz zəmilər, Çadırsız yelkənsiz qalar gəmilər, Nazik donsuz yayda uşaqlar ağlar. Suvarmasam, yanar otlar, çiçəklər, Ac qalanda süd verməsə inəklər, Nədər olar şor, pendir, yağ, qaymaqlar? Ot biçməsəm, qırılmazmı qoyunlar? Hardan olar hasil o vaxtı yunlar? Qışda nədən olar kürklər, papaqlar? Əkinçi hər kəsdən artıq çalışar, Onun əməyilə insanlar yaşar. Qida verər məxluqata torpaqlar, * * * Qış Bir az əvvəl sağa-sola uça-uça fırlanan, Parça-parça qarlar indi yavaş-yavaş düşüyor. Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman, Küçələrdə it soyuqdan zingildəyir, üşüyor. Hərdən külək qalxır, yerdən qarı qapıb sovurur, Gəlib – gedən insanların üz-gözünü qovurur. Dağı, daşı qar büsbütün ağ kəfənə bürümüş, Pəncərənin şüşələri buz bağlayıb donmuşdur. Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş, Sərçə, dolaş yem axtarır, qar üstünə qonmuşdur. Dövlətlilər isti evdə rahat yeyib yatırlar, Un almağa ac, yanıqlar paltar-palaz satırlar. Allahpayı diləyəni acıqlanıb söyürlər, “Allah versin, get kəsb elə” deyib hər kəs rədd edir. “Acam, donub ölməkdəyəm” desə, qovub döyürlər. Bir deyən yox fəhləliyə bunlar getmir, kim gedir? Bu yazıqlar deyilmidir fabriklərdə çalışan, Lağımlarda külüng çalan, zəhmətlərə alışan?! * * * Əhmədin qeyrəti Fabrikləri, insanları, daş-torpağı qapqara, “Çornı-Qorod” adlı şəhrin fabrikində çalışan, Gurultuya adət etmiş, partıltıya alışan, Çoxdan vardı Əhməd adlı bir iranlı biçara. Qürbət içrə fəhləliklə saxlar idi öz başın, Həm vətəndə dul anasın, yetim bacı-qardaşın, Qabarladıb şişirtmişdi əllərini, çiynini, Ağır, böyük maşınların zəncirləri, zəhməti. Çalışdıqca əksilməzdi hərgiz onun qeyrəti, Çox sevərdi vətənini, millətini, dinini. Bir gün səhər Əhməd gördü əldə qəzetsatanlar – Bağırırlar: “Alız, baxız, kim, İranda yanğın var”. Qəzetəni alan kimi rəngi-ruyi saraldı. Gördü yenə yazılmışdır: “İran olmuş viranə”, Şahi-məxlu Odessadan qayıtmışdır İranə. Fikrə getdi, qüssəsindən göy başına daraldı, Birdən-birə sonra qalxıb dedi: “mən də gedərəm, Vətənimi xainlərdən müdafiə edərəm”. O gün çıxan paroxodla gəlib çatdı vətənə. Qış mövsümü, qayət soyuq, yağmurlu bir havada, Gördü ancaq arvad-uşaq qalmış kənddə, obada, Kişilərin şah qırdırmış qaniçən şahsevənə. Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu, Eyləyirlər mühafizə xain İran qurdunu. Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə... Vətənini belə görcək qeyrətindən ağladı, Uğurunda ölmək üçün belin möhkəm bağladı. Pay-piyadə düşdü yola, getsin çatsın ləşgərə. Taqət kəsən qarlı külək gərçi davam edirdi, Cəsarətli Əhməd lakin qeyrət ilə gedirdi. Bir neçə gün yol gedəndən sonra birdən eşitdi Biyabandan gəlir şeypur səsi, vətən nəğməsi, Baxdı gördü yürüş edir fədailər dəstəsi. Al bayrağın təməvvücün görcək sevindi, getdi, Yavuqlaşıb salam verdi, tüfəng aldı, yanaşdı. Yorulmadan onlar ilə bir çox qarlı dağ aşdı. Keçdikləri tarlaları tanıyırdı, bilirdi, Bir də dönüb baxar ikən öz kəndləri göründü. Əndamına rəşə düşdü, qəlbi gup-gup döyündü, Göz yaşını ətəyilə gizlin-gizlin silirdi. Çox istədi gedib görsün anasını haqlasın, Qorxdu bəlkə getməyinə mane olub saxlasın. Gedirdisə Əhməd lakin xeyli pərişan idi. Bu əsnada şeypur səsin duyub kənddən yüyürdü – Yol tərəfə bir çox uşaq: Əhməd baxanda gördü, Öz qardaşın, uşaqların arasında tanıdı, Yavuqlaşıb qardaşıyla qucaqlaşdı, öpüşdü, “Anamıza salam eylə” – deyib ordan ötüşdü. Gənc əsgərin könlü bir az rahat oldu, fərdası – Firuzkuhun civarına gedib yetişdi ordu, Şahpərəstlər Yefrem xanla olmuşdular rubəru. O gün səhərdən başlandı yaylım atəş davası, Yağmur kimi yağan güllə tufanının önündə Yarpaq kimi düşən vətən qurbanların görəndə, Qorxdu Əhməd, rəngi qaçdı, tir-tir əsdi əlləri, Bir az sonra hər tərəfdən verildikdə komanda, Aslan kimi birdən-birə cürətləndi o anda. Meyitlərin arasından addımladı irəli, O bir ovuc əsgər o gün altı saat atışdı. Birdən güllə yağmuruna qar yağmuru qatışdı. Düşmən topçu atəşilə yürüş etdi irəli, Könüllülər çəkilməyə məcbur oldu, Yefrem xan: “Yoldaşlarım, mən gedirəm, – dedi, – gəliz dalımcan”. Əhməd dedi: “Mən də burda ölüb dönmərəm geri”. Fədailər diliranə ricət etdi dübarə, Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə. O halacan igid Əhməd almamışdı heç yara, Fəqət hərbin o “səfalı” həngamında bir qurşun. Gəlib dəydi sağ qoluna, etdi onu qərqi-xun, Bihal oldu, qan apardı yıxıldı torpaqlara... Bu hal ilə əsrə qədər müharibə uzandı. Nəticədə fədailər şanlı zəfər qazandı... Üç ay sonra yaz fəsliydi, gün düşmüşdü çöllərə, Gənc əsgərin dul anası dizin qucub inlərdi, Oturmuşdu astanada cavan oğlun bəklərdi. Gəlib-gedəndən sorurdu, göz dikmişdi yollara. Birdən gördü oğlu gəlir, şadlığından ağladı, Ana, oğul, bacı-qardaş bir-birin qucaqladı. * * * İnsanlıq vəzifəsi Namusi-rəayani çəkən hər ümərayə, Əlbəttə, dilü canla itaət gərək olsun. İnsanlara xidmət edən ərbabi-dühayə, Təkrim edilib şəni, riayət gərək olsun. Onlar ki, bizə rahibəri-elmü ədəbdir, Şükraneyi-ehsanların ifa edərik biz. İnsanlara insanlığı təlimə səbəbdir, Həqdən olara ömr təmənna edərik biz. * * * Yuxu Zindan kimi, qəbir kimi qaranlıq – Bir gecəydi, hər şey, hər kəs yatmışdı. Çulğamışdı hər tərəfi dumanlıq, Aləm ölüm yuxusuna batmışdı. Bu zülmətdə mən müztərib, pərişan, Səsdən, işıqdan axtarırdım, nişan. Birdən-birə bu sakitlik pozuldu, Oynaşdılar qan yağdıran bulutlar. Bir fırtına yox, bir qiyamət oldu. Düşdü şəhablar, ildırımlar, odlar. Mən qorxudan bihuş olub yıxıldım, Qəş aləmində bir tamaşa qıldım. Gördüm ki, bir rəna çəmənlikdəyəm, Dörd yanımda var al-əlvan çiçəklər. Bənövşəlikdə, yasəmənlikdəyəm, Könül açır yavaş əsən küləklər. Uçur, qonur ağaclara bülbüllər, Əfşan-əfşan durmuş yaşıl sünbüllər. Fəvvarələr atır, axır bulaqlar, Yeridiyim yollar parlaq, sədəfli, Açılmış güllər, göy, yaşıl zanbaqlar. Bir cənnətdir bu gülşən hər tərəfli Heyran-heyran bu yerdə seyr edirdim. Bilməyirdim vəli, hara gedirdim. Yanımda bir pəri gördüm nagahan, Mənə lütfü nəvazişlər eylədi. Göstərdi bir tərəfdə bir sayəban: “Otur burda, bu yer sənindir” – dedi. Belə deyib qayib oldu nəzərdən, Mən o bağı seyr edirdim o yerdən. Hərçənd çox nəşəlidir məskənim, Yer, göy, ətrafım olmuşdu qərqi-nur. Nədənsə çırpınırdı könlüm mənim, Oturmuşdum mən o yerdə bihüzur. Çox keçmədən heç bilmirəm nə oldu, Birdən o dadlı mənzərə pozuldu. Bir zülmatlı bulud qopdu şimaldan, Puç eylədi, dağıtdı ol cənnəti. Mən oyandım çox dəhşətlə o haldan. Xatirdəykən o yuxunun ləzzəti, Durdum gördüm işıqlanıb dan yeri, De: xeyr olsun bu yuxunun təbiri. * * * Sual və cavab – Nə düşünməkdəsən, a divanə? Yenə bir uyku görmüsən, ya nə? – Yox, düşüncəm budur haçan bu uşaq – Yürüyüb arkadaşlara çatacaq? – İndi qardaş, o xəstədir, xəstə, Yürüməksə əlacə vabəstə. Neyləyim mən o qədr kövdəndir, Həm dəva, həm təbibə düşməndir. – Nə dedi bəs ona böyük doktor? – Çıxmayan bir cana ümid çoxdur... * * * Yay səhəri Od tutub qırmızı atəşlə yenə yandı üfüq, Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq. Bir qədər çaydan uzaq, od qalamış dağda çoban, Oyadır öz sürüsün otlaya yaylaqda çoban. Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən, İsti yoxdur, hələ var bir balaca meh gecədən. Ağ dumanlar ucalır göy üzünə dağlardan. Çox sərindir havası, keçmə bu yaylaqlardan. Gün çıxır, göydə bulut qırmızı rəngə boyanır, Kəndlilər çox yorulub, uykudan indi oyanır. Pəyədən mal-qaranı bəzi çıxardır qırağa, Bəzi səhrayə gedir işləməyə, bəzi bağa. * * * Oğlum üçün Mələkim, yavrucuğum, şükr edirəm Allaha, Rəhm edib sən kimi nemət mənə əhsan etdi. Qılaram səcdə müdam icz ilə ol dərgaha – Ki, həyatınla bu gün könlümü xəndan etdi. Mən səninlə sevərəm ömrü, həyatı, canı, Mən səninlə görürəm indi geniş dünyanı. Səni çoxdan arayıb həsrət ilə bəklərdim, Sənsiz afaq qaranlıq görünürdü gözümə. Səndən ötrü çox uzun illər idi inlərdim, Qəmlərim yox oluyor, sən gülər ikən üzümə. Mən səninlə sevərəm ömrü, həyatı, canı, Mən səninlə görürəm indi geniş dünyanı. * * * Sabir Sabir! Ey sən sevimli şairimiz, Müqtədir, duzlu sözlü Sabirimiz! Necə qan olmasın sınıq könlüm? Səni çox tez ayırdı bizdən ölüm! Yox, yox, əsla sən ölmədin, dirisən, Ən böyük qəhrəmanların birisən. Qələminlə, dilinlə, halın ilə, Köhnələnməz şirin məqalın ilə, Süngülər açmayan yolu açdın, Qələmindən cəvahirat saçdın. Zülmü, cəhli, təəssübü yıxdın, Ucalıb ərşi-davərə çıxdın. Çəkdin islam yolunda çox zəhmət, Sən özünçün yaşamadın heç vəqt. Ağladın millət üçün illərlə, Acı gülməklə, dadlı dillərlə. Göstərib çareyi-nicatımızı, Nəzm qıldın nəvaqisatımızı. Sevə-sevə bizə oxutdurdun, Xeyli bidətləri unutdurdun. Heyif kim, vermədi sənə qiymət, Qəlbdən aşiq olduğun millət. Artdı gündən-günə qəmü-kədərin, Şişdi, axır vərəmlədi cigərin. Kədərin toplanıb qübar oldu. Nazənin cisminə məzar oldu. Uyu rahət hüzuri-vicdanla, Mən də ayati-paki-Quranla Sənə təzim edib səlam edərəm, Daima ərzi-ehtiram edərəm! * * * Vətən Qafqaz qitəsidir mənim vətənim, Simürğün sayəsində məskənim. O məmləkətdə mən vücudə gəldim, Xalqıma qarşı sücudə gəldim. O yerdə kim, qara quşu, tərlanı – Adlanmışdır Qaf dağının sultanı. O yerdə kim, vardır qalın ormanlar, Dağlarında gəzir vəhşi ceyranlar. O yerdə kim göyün üzü şəffafdır, Çeşmələri qayət sərindir, safdır. Səfalıdır lətif abü havası, Ürək açar lacivərdi səması. Bulutlara dəyir uca dağları, Cənnət guşəsidir gözəl bağları. Çöllərində bitər əlvan çiçəklər. Fərəhlənir bütün tutqun ürəklər. Övladları qeyrətlidir, damarlı, Şücaətli, hünərli, etibarlı. Meyvəlidir ormanında ağaclar. Şaqqıldayır qırqovullar, turaclar. Cəh-cəh vurar çəməndə bülbülləri, Meh əsdikcə ətir saçar gülləri. O yerdə kim həmişə sərvü şümşad. Səbzü xürrəm yaşar xəzandan azad. Hər küncündə bir cür xəzinə yatmış, Torpağını xaliq qızıl yaratmış, Camedir hər cürə lətafətləri, Tamam etmiş həq onda nemətləri. Gözəl torpaq, gözəl ölkə, gözəl yer! Dünya üzrə bimislü bibədəl yer! Bu cür gözəl məmləkəti kim sevməz? Bunca firavan neməti kim sevməz? Mən vətəni canım kimi sevərəm, Ruhum, ətim, qanım kimi sevərəm. * * * Nəvayi-aşiqanə Yaran, bahar mövsümüdür, aşiq olmalı! Canan yolunda ölmək üçün şaiq olmalı! Fəsli-bahar, mövsümi-gül, vəqti-badədir, Məşuqə xassə şux, cavan, türki-sadədir. Saqinin iltifatı bizimlə ziyadədir, Varkən bu fürsət əldə dəmi-istifadədir. Meyxarəlikdə qeyrilərə faiq olmalı! Yarın çatıb gözəlliyi həddi-kəmalına, Minbəd səcdə etməli taqi-hilalına. Pərvanəva yanmalı şəmi-cəmalına, Zahid nə dersə, uymamalı qilü qalına. Can verməli, mey almalı, lap fasiq olmalı! Dəmdir ki, şövqi-arizi-dilbərlə məst olaq, Dəmdir ki, bütləri unudub həqpərəst olaq. Dəmdir ki, “nisti” arayaq, ta ki, “həst” olaq, Dəmdir ki, cümlə vafii-əhdi-ələst olaq, Yaran! Öz əhdü vədimizə sadiq olmalı! Məcnun kimi əlaiqi həp tərk etməli, Leyla tərəf ayaqla deyil, başla getməli. Əğyar cövrü görməli, töhmət eşitməli, Hər növ olsa hasili-canana yetməli. Ta bəzmi-vəslə girmək üçün layiq olmalı! Çal, mütriba ki, vəqti-sürudü təranədir, Sən də oxu, müğənni, sözün aşiqanədir. Nəğmən bizi ayıltmağa yaxşı bəhanədir, Lakin zəmanə çünki fəna bir zəmanədir. Eyham ilə, kinayə ilə natiq olmalı! * * * Ninni Yavrum, uyu! Quzum, uyu! Ağlama, Yaralıdır köksüm, bir də dağlama. Annənə bir az da olsa şəfqət et, Xəstə yavrum, yetər bunca, rahət et. Uzun gecə sabahatək mən yatmam, Ağlaram mən, səni fəqət ağlatmam. Laylay deyib titrədərəm beşiyin, Həp çəkərəm gecə-gündüz keşiyin, Yedirdərəm sənə gözüm yağını, Göstərməsin tanrı mənə dağını, Nə zəhmətin olsa, yavrum, dözərəm, Mən də səninlə öyünüb gəzərəm. Sənsən həyatımın ən gözəl süsü, Balışımdır, yavrum, ananın köksü, Bir an könlüm yaşamaz səndən ayrı, Hər bəladən saxlasın səni tanrı. * * * Bəradərim Ə.M.Sərkərov cənablarına! İthaf “Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”, Höccətsiz olan dəvayi-bihudə nə layiq? Susdunmu, ya qorxdun, bumu asari-məhəbbət? Çöhrəndə neçün cilvələnir haleyi-həmrət? İstərsən ola qismətin əyyami-baharım, Peymaneyi-əzvaqım ilə busü kənarım? İstərsən atılmaqlığı ağuşi-vüsalə? Heyhat ki, düşmüşsən əcəb xam xəyalə!.. Anlarmısan, aya ki, nədir sevgi, nədir eşq? Keçmiş şüəra yazmış o dərsə belə sərməşq: “Eşq əhli bu afaqda rüsva gərək olsun, Məcnun kimi sərgəşteyi-səhra gərək olsun”, Bildinmi, nədən ötrü verilmiş sənə qüvvət? İdrakü şüur, əqlü zəka, ruhü dərayət? Bildinmi, həyatın nədir amalı, səlahı? Tənha gecələr uykusuz açdınmı sabahı?! Bir ləhzə çalışdınmı, ya dözdünmü cəfayə, Bəs ömrünü verdin nerədə badi-fənayə?! Susdun, ya yalandırmı sözün, haydı, çəkil get! Sevdiklərin uğrunda yenə ömrünü sərf et! Uy fisqü fücurə, tərəbə, çəngü rübabə, Ləhvü ləəbə, gəncəfəyə, camə, şərabə. Məndən uzaq ol, eyləmə bihudə ricalər, Girməz hərəmi-vəslimə aludə ridalər. Satlıq deyil eşqim, ürəyim, busəm, inan, bil, Can nəqdidir ol neməti-üzmayə müqabil. Olseydin əgər sən mənə bir aşiqi-sadiq, Rəftar ilə göftarın olardı mütəvafiq. Qəlbində əgər olsa idi atəşi-sevda, Çöhrəndə olardı onun asarı hüveyda. İncitsə idi qollarını qeydi-əsarət, Çeşmində yəqin parlar idi bərqi-cəsarət. Uçsaydı əgər qanlı bulutlar üzərində, Olsaydı tikən, daşlı yoxuş rəhgüzərində, Zəhmətlərə, zillətlərə düşmüş yorulaydın, Ol halidə gər mayilü müştaqım olaydın. Əlbəttə, bu gün mən də sənin yarın olardım. Ağuşə çəkib talibi-didarın olardım. Lakin nəçisən, kimsən, uzaş etmə əziyyət, Biganəsən, olmaz məni görmək sənə qismət! * * * Haşımbəy mərhum üçün Haşımbəy Vəzirov cənablarının ruhuna ithaf Ey yorulmaq bilməyən ustadımız! Yandı mövtünlə dili-naşadımız, Ey dəyərli, adlı millət xadimi! Matəmində naləvü fəryadimi. Haqlıyam yüksəltsəm ərşi-davərə, Nazənin cismin yaxışmaz yerlərə. Pək çox erkən dəsti-qəddari-əcəl, Bizləri səndən ayırdı biməhəl. Sən füruzan məşəli-ürfan idin, Dəmbədəm ətrafa nurəfşan idin. Doğru əfkarın “sədayi-həqq” idi, Çün “həqiqət”dən olar müştaq idi. Atəşin qəlbinlə pək fəal idin, Qeyrəti-milliyyəyə timsal idin. Millət uğrunda çalışdın ruzü şəb, Çəkdin az ömründə çox rəncü təəb. Aqibət dözmüb daha zəhmətlərə, Tərk qıldın bizləri zülmətlərə. Sığmadın zülmətsərayi-aləmə, Hicrət etdin mavərayi-aləmə. Yəni kərrubilərin məvasına, Lütfi-həqqin sayeyi-tubasına. Millətə öz nəfsini etdin fəda, Şübhəsiz, etmiş sənə rəhmət xuda. * * * Şair, Şeir pərisi və Şəhərli Səfalı bir mayıs axşamı... Günəşin qürubundan bir az sonra saf, laci- vərdi asimana ucalan qürsi-qəmərin əşieyi-simini sakin və müəttər bir meşənin kölgəli ağaclarının arasından süzülərək yaşıl çəmənlərin və ən yaxından axan suyun səthini işıqlandırır, suya ən yaxın bir yerdə şair tək-tənha oturub məhtaba qarşı təmaşayi-təbiət edərkən birdən- birə qalxıb deyir: İllər, aylar gəzirəm boş-boşuna, bikarə, Laubalı yaşayış etdi məni avarə... Bilmirəm mən nə üçün bülhəvəsəm, binəngəm, Öz halımdan özüm, Allah da bilir, diltəngəm. Bu gözəl mənzərənin seyrinə dalmaqdan isə, Təkü tənha bu çəmənzardə qalmaqdan isə, Daha xoşdur gedib öz dərdimə dərman etsəm, Qəmi-fərdanı düşünsəm, onu saman etsəm. Ayağa durub getmək istədikdə, ildırım təraqələri kimi səslər eşidib ətrafdakılar şairin nəzərində titrər və əhvalı pərişan olur. Bu əsnada yaxınındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. Əlindəki santur deyilən musiqi aləti ilə şairə xitabən: Ş e i r p ə r i s i Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl, Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl. Kölgə şairə yaxınlaşaraq, əlindəki musiqi alətini təqdim edərək deyir: Al, bu santurumu çal, gəldi bahar əyyamı, Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı. Öp şirin ləblərimi, guşeyi-əbrulərimi, Sırma geysulərimi, nərgisi-cadulərimi. Vəcdə gəl, nəğməsəra olmağa ağaz edəlim, Gəl bərabər ucalım, göylərə pərvaz edəlim. Şair Sevgilim, eşqü həvəsdən daha mən bizarəm, İndi bir başqa dilarama pərəstişkarəm. Ürəyimdə daha yox qönçə dodaqlar dərdi, Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi. Biri əkmək, biri başmaq, biri paltar diləyir. Verdiyi qərzi də hər gündə tələbkar diləyir. Mən bu halətlə necə bir də olum qafiyəsənc? Get bir asudə adam tap, daha vermə mənə rənc. Atmışam mən həvəsi, eşqi, dəxi dilbəri də, Səni də, şeri də, ilhamı da, dəftərləri də. Şeir pərisi Bəs, a nankor, sənə bəxş eylədiyim təbü hünər? Şair Səndən ol barədə çox razı idim yoxsa məgər? Təbi-şeri mənə verdikdə həvəsnak etdin, Hüsnə məğlub edərək, könlümü qəmnak etdin. Görməsəydim səni mən, düşmənə kam olmaz idim. Uymasaydım sənə, mənfuri-avam olmaz idim. Mən də bir tacir olub toplar idim simü zəri, Xalqca varlığımın onda olardı dəyəri. Öldüyüm vaxt verərlərdi mənimçin ehsan, Xalq söylərdi: əcəb adəm idi haci filan. Ya ki, bir molla olub soymağa məxluqatı. Xahişi-nəfslə şərh eylər idim ayatı, Mənə təzim edərək söylər idi xasü əvam: “Hamiyi-şəri-mübin, naşiri-dini-islam” Zülfünə lakin o gündən ki, əsir oldum mən, İştə bax, müflüsü möhtacü fəqir oldum mən. Daha yoxdur həvəsim nəğmələrə, əşarə, Yox, bulardan əbədən dərdimə olmaz çarə. Sənə dildadə olandan bəri bədbəxt oldum, Tay-tuşum içrə siyəhruzü siyəhrəxt oldum. Şeir pərisi Hankı taledir, a nankor, bu fəna dünyada, Sənə mən verdiyimə faiq ola mənada? Mənəvi dürlü məziyyət sənə ənam etdim, Münkəsir xatirini məhbəti-ilham etdim. Mən qutardım səni süflani əziyyətlərdən. Müstəfiz etmədəyəm göydəki nemətlərdən, Müqtədirsən ucalıb ərşə qədər getməkdə. Cənnəti, həm də cəhənnəmləri seyr etməkdə. Olmuşam həmdəmi-ruh istədiyin vəxt sənə, Sən deyirsən ki, qıyıb verməmişəm bəxt sənə? Şair Bəli! Sən saldın, əzizim, bu yaman hala məni, Həsrət etdin paraya, izzətü iqbala məni. Tifli-nabaliğ ikən məktəbə etdikdə davam, Sən təcəlla eləyib qəlbimə qıldın ilham. Əvvəl asan görünürkən gözümə dərsi-hesab, Birər əqrəb olub ərqam mənə verdi əzab. Sonra gündən-günə divanəsər etdin məni sən, Məktəbimdən soyudub dərbədər etdin məni sən. Dərsi, bəhsi buraxıb, şerə həvəskar oldum, Hərzəkar, aşiqi-şuridəvü biar oldum. Keçdi əyyami-şəbabım, yenə sən çəkmədin əl, El-ulus təninə rəğmən oxudum nəğmə, qəzəl. Hansı bir kəsbə yapışdım ki, yar olsun tale, Sən çıxıb qarşıma hər ləhzədə oldun mane. Qoca bir millətin amalına qəlbimdə məkan – Verib etdin məni azarkəşi-bari-giran. Sənə məftun olaraq əmrinə təqlid etdim, Hər fəna işdə müsəlmanları tənqid etdim. Təlxkam etdi qərəz əhlini şirin süxənim, Ölkədə get-gedə bədxahlarım artdı mənim. Bir zaman çıxmadığından dili-naşadımdan, Döydülər, söydülər, əl çəkmədim irşadımdan. Görmüb islah əsəri surəti-halımda mənim, Düşmən oldu mənə axırda əyalım da mənim. İndi xeyrim nədə isə, onu dərk eyləmişəm, Haydı yavrum, daha şairliyi tərk eyləmişəm. Şeir pərisi Şairim! Qəm yemə, alami-cəhan fanidir, Cavidani yaşayış ləzzəti-ruhanidir. Sən mükafatını insanlığa xidmətdə ara, Əbədi zövqü, təsəllini həqiqətdə ara. Kölgəyə aldanaraq sevmə cəfa aləmini, Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini. Aləmin fani qüyudatına pabənd olma! Zəhmətindən usanıb eyşinə xürsənd olma! Uçma alçaqlara, sən tairi-ülviyyətsən, Qaç əsarətdən əgər aşiqi-hürriyyətsən. Sən gərək rahi-həqiqətdə cahandan keçəsən, Xanimandan keçəsən, baş ilə candan keçəsən. Şair oldur ki, həqiqətlərə dildadə ola, Şairin fikri, xəyalı gərək azadə ola. Gəl mənimlə aparım övci-səmavata səni, Orada nail edim dürlü füyuzata səni. Orada könlün əlaiqdən olur varəstə, Sənə təqdim edər əfvaci-mələk güldəstə. Orada hurü pərilərlə edərsən xəndə, Bəxtiyarlıqla yaşarsan əbədi fərxəndə. Şair Ey əzizi-dilü can, ey fərəhi-qəlbi-məlul! Edərəm iştə bu təklifini şükranla qəbul! Tabeəm indi sənə, nəryə aparsan, gedərəm, Necə ilham edəsən, öylə təğənni edərəm. Tək cahanın qutarım möhnətü alamından. Gəlmişəm təngə məlali-səhərü şamından. Al məni şəhpərinin üstə, apar balayə, Oradan ta ki, həqarətlə baxım dünyayə. Dilrüba nəğmələrim ruha fərəhbəxş olsun, Ta sözüm sineyi-ərbabi-dilə nəxş olsun. Şair bu sözləri vəcd və istiğraq halında söyləyərək bihuşanə yıxılıb hərəkətsiz qalır. Görünməkdə olan bu səmavi sima nəzərdən qaib olur. Şair aşiqanə bir halda mat-məbhut qalmış ikən şəhərli qiyafəsində bir cavan zahir olub, şairə yaxınlaşıb diqqətlə ona baxdıqdan sonra qərib bir təbəssümlə öz-özünə: Şəhərli Buna bax, gör necə yatmış burada asudə, Yazmayır, işləməyir, vaxtı itir bihudə. Bənzi solğun, halı pozğun, hərəkətsiz, məbhut, Canlı meyyitmi, deyim, ya ki, diri bir tabut? Şair onun sözünü eşidərək qapanmış olan gözlərini açdıqdan sonra durub oturur və deyir: Şair Həm də məcnunsifət, aludeyi-qəm, məsti-qəram, Bunu da söylə ki, təsvirciyin olsun tam. Şəhərli Yaxşı təsvirdir, əvət, söylə, nə halətdir bu? Ölüsən ya dirisənmi, nə kəsalətdir bu? Şair Düşkünəm çox, nə edim? Şəhərli Qalx, kişi, aç bir gözünü, Bulanar könlü bu halda görən olsa üzünü. Şair Di, buyur, get! Şəhərli Utanırsanmı heç ətvarından? Xəbərin varmı fəna şiveyi-rəftarından? Belə ciddi və mühüm vəqtdə ərbabi-hünər Sən kimi atilü batil oturar yoxsa məgər? Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq, Hər kimin daş kimi yoxdur ürəyində qatılıq, Millətin halını gördükdə gərəkdir yansın, Dərdinə qalmağı daim özünə borc sansın. Təbi-şerin ki, sənin şöhrət edib dövranə, Məsiyətdir baxasan bunca qəmə biganə. Şair Məndə varmış tutalım, sən dediyin fəzlü hünər, Mən nə iş yapmalıyammış, ya əlimdən nə gələr? Şəhərli Bu nə axmaq danışıqdır, kişi, sən şairsən, Şil deyilsən ki! Yazıb işləməyə qadirsən. Tərcüman olmaq üçün giryələrə, xəndələrə, Salı vermiş səni xəllaqi-cahan bəndələrə. Qalx, oyan, cürət elə, rədd kimi fəryad et! Bu fəlakətdə qalan millətinə imdad et! Görməyirsənmi bu biçarə vətəndaşlarını, Bacı-qardaşlarını, sevgili dindaşlarını – Zülm zəncirinin altında çəkir işgəncə? Eyibdir sən uyasan gəncəfəyə, şətrəncə. Gecə bulvarda, klublarda, günüz bağlarda – İtə vaxtın, bitə ömrün, həp oyuncaqlarda. Mənfəət verməyi bildikdə, bacardıqda sənə – Borc deyilmi edəsən nəfli xidmət vətənə? Ananın dərdinə övlad şərik olmazmı? Ananın halı vəxim olsa, oğul solmazmı? Vətən uğrunda gərək şəxs fədakar olsun, Boylə mövsümdə yatan kimsələrə ar olsun. Şair Anladım mətləbini, etmə məzəmmət bica, O böyük işləri ancaq yapar ərbabi-düha. Mən zəif qəlbli bir qorxağam, aciz, tənbəl, Xalqa xoş gəlmək üçün nəzm edərəm nəğmə, qəzəl. Həm də yazdıqlarımın əksəri namövzundur, Rəbtsiz, həşv zəvaidlə bütün məşhundur. Hanı məndə o kəyasət, o dərayət, o zəka, Qoca bir millətə ta qalxıb olan rahnüma? Sizcə şairlik, ədiblik, görünür, səhl işdir, Xeyr, əfkarınız ol barədə çox yanlışdır... Şəhərli Demirəm dahi ol, iblağ elə bir tərzi-nəvin, Yaxud inşad elə söylənməmiş əşari-mətin. Tərzi-təhrirdə mən söyləmirəm nadirsən, Deyirəm yazmağa madam ki, sən qadirsən. Nə gərəkdir yazasan faidəsiz nəğmə, qəzəl, Yoxmu könlündə məgər gizli, böyük, milli əməl? İştə öz fikrini ibraz edərək mümtaz ol! Laəqəl millət ilə nalədə həmavaz ol! Sayılırsan vətən övladlarının bir fərdi, Vətən, imdadinə iştə çağırır hər fərdi. Ya ər ol, ortaya çıx, gəl kömək et qardaşına, Ya gedib evdə otur, həm də ləçək sal başına. Ər-qadın, yaşlı-cavan, zorlu-zəif, şah-gəda, Hər kəs etsin gərək imkanı qədər borcun əda. Şəbi-yeldadə necə kim, ufacıq ulduzlar, Nur saçmaqla qaranlıq gecəni yaldızlar. Sən də duzsuz, yaramaz, nasəlis əşarın ilə, Lakin atəşli, ürəkdən çıxan əfkarın ilə İldırımlar saçaraq fırtınalar icad et! Nəzmə çək qəmli təəssürlərini inşad et! Şair Sözlərin həqdir, əvət, zənn edirəm arifsən, Lakin əhvali-mühitə yəqin az vaqifsən. Vətənə, millətə sanma deyiləm dildadə, Yazmaq olmaz fəqət olmazsa qələm azadə, Həqqə, namusa, nicata, qələmə and olsun, Ərşə, fərşə, günəşə, sübhi-dəmə and olsun, Çox həqiqət mənə təlqin eləyir vicdanım, Yoxdur ondan birini söyləməyə imkanım. Danışarkən həqi göydən yetişən buyruqla, Tıxanıb sözlərim ağzımda qalır yumruqla. Doğru söz söylədiyim haldə məsul oluram, Çarəsiz nəğmə, qəzəl yazmağa məşğul oluram. İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş, Necə uçsun qanadı sınmış əzilmiş bir quş? Çəkmədən bari-qəmi rişteyi-canım üzülür, İczdən xuni-cigər yaşlı gözümdən süzülür. Daha tabavəri-qəm olmadığıyçün ürəyim, Dərgəhi-həqdən odur sonku niyazım, diləyim: Bizlərə səbr, mətanətli ürək etsin əta, Ta azıb etməyəlim rahi-məhəbbətdə xəta. * * * Şərarə Ey qələm! Yazmada atəşbar ol! Ey dili-qafil! Oyan, huşyar ol! Gör sənayedəki ecazatı. Xatirindən sil o mövhumatı – Ki, edibdir səni tənbəl, atil, Bildiyin çunü çəradır, batil. Etiqad etmə qəzayə, qədərə, Ömrünü verdi bu sözlər hədərə. “Bəxt”, “qismət” kimi əlfazı unut, Səy ilə bazuyi-iqbalını tut. Nərəyə istər isən zorla apar, Mərkəzindən yeri lazımsa qopar. Yoxdur aləmdə bu gün əmri-məhal, Elmü fənn ol sözü etmiş ibtal. Elminə, qüvvətinə hər kişinin, Bağlıdır bəxti, rəvacı işinin, Nərəyə bağlamısan niyyətini, Sərf qıl elmlə var qüvvətini. Bil ki, məqsudə olarsan vasil, Yerdə, göydə, nə isə əlhasil. Kəsb qıl elmü hünər, səyü əməl, Ta ki, hər müşkilin olsun münhəll. Elmdən şəhpər açıb pərvaz et! Məsədət rütbəsini ehraz et! Olsun aləmlərə hökmün nafiz, Qalsın əmrində təbiət aciz. Qüvvəyə bağlıdır aləmdə həyat, Qüvvədən nəşət edir mövcudat. Qüvvətin varsa, yaşarsan məsud, Yoxsa, şəksiz, olacaqsan nabud. * * * Təxliyə yaxud qaçqın Ölü, səssiz, dumanlı səhradə, İştə bir əski şəhr məridir. Qeyri-adi halı bu əsnadə, Qəmli bir macərayə məbnidir. Atılır toplar ən uzaqlarda, Eşidilməkdədir təraqələri... Xalq şaşqın, bazar, sokaklarda Şəhrdən kəsmədən əlaqələri. Qışlalar, qələlərlə məscidlər, Atəş içrə alovlanır, yaxılır. Bürclər, qübbələrlə məbədlər, Pozulur, münhədim olur, yıxılır. Şeylə, insanla yüklü çox furqun, Qaçışır arxasınca bir-birinin... Halı pozğun, dodaqları solğun Çocuq ağlar dalınca madərinin. Həyəcanlarla, xofü dəhşətlə, Qapı, dərvazə örtülüb açılır. İztirabü kədərlə, dəhşətlə, Acı göz yaşları üzə saçılır. Qorxudan cümlə xalq olub əsəbi, Çıldırıb iş görərəkən ağlı şaşır. Mövc urur, qaynaşır qarınca kimi, Müxtəlif səmtə yügrüşür, qaçışır. Bir an əvvəl qaçıb qutarmaq üçün, Hamı var qüvvəsiylə səy eləyir. Xəstə, düşkünləri aparmaq üçün Bir-birindən müavinət diləyir. * * * Şair Dəhrin fəna mübarizəgahi-həyatına, Hökmi-qəza əlilə atılmışdı bir səbi. Sığmazkən aləm, adəm onun kainatına, Tiflanə mələbəydi hənuz ümdə mətləbi. Şerin pərisi ziri-cənahi-ümidinə – Lakin haman yetimi alıb, verdi tərbiyət. Məktum olan xəzaini-həqqin kilidinə, Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət, Təqdim etdi sonra ona bir alovlu saz, İlham qüvvəsilə oxutdurdu şairi. Qəlbilə telləri sazının etdi ehtizaz, Eşq atəşilə yandı üruqi-məşairi. Sevdirdi bir ilaheyi-hüsnün cəmalını, Olduqda tiri-qəmzə ilə sinəsi şikaf, Şair də öz nətayici-hissü xəyalını – Hərdəm yazıb da sevdiyinə eylər ittihaf. Lahutə münətifdir onun qəlbi-didəsi, Hər kəsdən artıcaq görüb eylər həm ehtisas, Əlvahi-asimani ikən hər nəşidəsi, Divanə zənn edir onu lakin avami-nas. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.