Uşaq şeirləri Abbas Səhhət (1874–1918) Məktəb uşağı İştə bir ayineyi-süni xuda, İştə, bir dahiyeyi-əqlü zəka. İşdə bir tifləki-məsumsifat, İştə, bir kudəki-şirinhərəkat. Olmuş elmü ədəbə çox mail, Bir zaman dərsdən olmaz qafil. Hər sabah uykudan olcaq bidar. Dərsi-duşinəsin eylər təkrar. Geyinib məktəbinin formasını, Zivəri-duş eləyir çantasını. İstəyir yaxşı bilə elmi-hesab, Cəhd edir öyrənə tarixi-kitab. Gecə-güdüz çalışır mərdanə, İstəyir sibqət edə əqranə. Bütün əfalı təalipərvər. Bütün amalı məaliküstər, Könlünün arizuyi-yektası Vətənü millətinin əhyası. Fikrü zikri bütün əhraranə, Lövheyi-sinəsi məsumanə. Zehni ayineyi-rövşən kimi saf, Çeşmeyi-abi-bəqa tək şəffaf. A çocuq! Ey şərəfəfzayi-vətən, Ey güli-gülşəni-rənayi-vətən! Sən əzizi-vətənü millətsən, Səməri-nəxleyi-ülviyyətsən. Oxu ey bülbüli-şeydayi-vətən! Ta sənə fəxr edə əbnayi-vətən. Nəğəmatında var asari-nicat, Oxu, ey bülbüli-şirinnəğəmat. * * * Ana və oğul Hər sabah gün ki, saçar aləmə nur, Danədən ötrü uçar cümlə tüyur, Quşlar ol dadlı civiltilə oxur. Aç gözün uyğudan, ey tifli-qəyur. Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! Gün çıxıb dağü daşa nur səpər, Hamı dünyada çalışmağı sevər, Hərə bir səmtə gedər əhli-hünər. Ana övladına şəfqətlə deyər: Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! Yanaşar bəstəri-ətfala ana, Uyqudan yavrusu istər oyana, Əyilər ta üzü-üzə dayana, Çox yavaşca söyləyər onda ona: Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! O gözəl, sevməli, ol nurlu bəbək, Uyqusundan oyanar əsnəyərək, Didə məxmur, özü misli-mələk, Madəri onda edər böylə dilək Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! Ayıl, oğlum, bu qədər eyləmə xab, Dur götür qoltuğuna indi kitab. Məktəbin vaxtı keçir, eylə şitab, Cəhd elə elm oxu həngami-şəbab, Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! * * * Cücələr Cücələrim birər-birər, Suyu görüb yavuq gələr, İçər, gedər eşələnər. Yeyər, içər cücələrim, Doyub qaçar cücələrim. Cücələrim lümək-lümək, Qanadları gödək-gödək, Yem axtarar, tapar yemək, Yeyər, içər cücələrim, Doyub qaçar cücələrim. Gecə dönəndə gündüzə Cücələrim gəzə-gəzə, Səhər hindən qaçar düzə, Yeyər, içər cücələrim, Doyub qaçar cücələrim. Cücələrim bəzəklidir, Bəzəklidir, düzəklidir, Sarı, çil-çil, hər rənglidir. Yeyər, içər cücələrim, Doyub qaçar cücələrim. * * * Qarı və qulluqçuları Bir qarının bir xoruzu var idi, Hər gün obaşdandan o banlar idi. Sübh çox ertə oyanardı qarı, Durğuzar idi hamı xidmətkarı. İnciyib axırda o qulluqçular, Ol xoruzu öldürübən atdılar, Ta ki, kəsilsin səsi, asudəcə, Bəlkə doyunca yatalar hər gecə. Çünki qarı bildi bu keyfiyyəti, Özgə sayaq oldu onun niyyəti. Sonra gecə olmamış ikən yarı, Onları bir-bir oyadardı qarı. * * * Qaranquş balaları A quşcuğazlar, nə yaraşıqlısız, Can kimi bəslənməyə layiqlisiz. Nədir o istəkli, o heyran baxış, Nə dadlı cik-cik, nə gözəl çırpınış! Birdən ucaldı niyə cik-cikləriz, Pəh-pəh, açılmış sarı dimdikləriz. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə, dincəldimi? Görcək onu səslənməyə başladız, Civiltilərlə əcəb alqışladız. Yem gətirib yoxsa sizə verməyə, Ya ki, gəlib bir quru dindirməyə? * * * Ata və oğul Ay dədə, dur get mənə çox şeylər al! Bir dənə çanta, bir-iki dəftər al! Mən dayım oğluyla gəlirdim bayaq, Gördüm o məktəbdə oxur çox uşaq. Durdum ora pəncərədən baxmağa, Dərslərinə azca qulaq asmağa. Dərsləri yetdikdə, dədə, axirə, Oxudular elliyi birdən-birə. Hamısının yaxşı tuturdu səsi, Hər kim ola görsə düşər həvəsi. Çöldə məni gördü müəllimləri, Tutdu apardı özü lap içəri. Xeyli danışdırdı məni dinlədi, Sonra nəvazişlə mənə söylədi: – De səni göndərsin atan məktəbə, Elm oxuyub ta yetəsən mətləbə. * * * İt və kölgəsi Bir it ağzında bir sümüklə səhər, Su kənarından eyləyirdi güzər. Suda öz kölgəsin görüb o zaman, Sandı bir özgə itdir ol heyvan. Sümüyü atdı tez o bir yanə, Suya vurdu özün hərisanə, O iti ta ki, qorxuya salsın, Bəlkə ağzındakı əti alsın. Tapmadı bir şey, oldu çox qəmgin, Həm itirdi nahaq yerə xörəyin. Kölgəyə uyma, hirsü qəflətdən – Ta əlin çıxmasın həqiqətdən. * * * Yaz O gün ki, fəsli-yaz olar, Gecə, günüz taraz olar. Havanın artar istisi, Daha soyuqluq az olar. Ərir dağın, çölün qarı, Axar dərələrə sarı. Gurultu ilə sel gələr, Salar sədaya çayları. Qaranquş ol zaman gələr, Yenə tikər yuvasını, Qonar yaşıl ağaclara, Oxur gözəl havasını. * * * Quşlar Quşlar, quşlar, a quşlar! Qaranquşlar, a quşlar! Cəh-cəh vurun burada, Gah yerdə, gah yuvada. Qonun bu tək budağa, Çox getməyin uzağa. A quşlarım, getməyin, Məni qəmgin etməyin. Quşlar, neçin gedirsiz? Yoxsa ki, seyr edirsiz? Quşlar uçdu, əkildi, Vay, səsləri kəsildi. Bir səs gəlir uzaqdan, Mən dinlərəm bayaqdan: Söylər ki, qış yavuqdur, Sizin yerlər sovuqdur, Var isticə ölkələr, Qışda bizə xoş gələr. Səbr eylə, qoy yaz olsun, Bir qar, yağış az olsun, Sövqat gətirər quşlar, Sizə gözəl mahnılar. * * * Ot biçini Göy çəmənin ətri tutub hər yeri, Çulğalayıb dağ, dərəni, çölləri. Əldə biçinçi darağı səfbəsəf, Ot darayırlar qarılar hər tərəf. Ot qurusun burda yığarlar şələ, Yaş otu bir yanda sərərlər hələ. Kəndlilər əllərdə təmamən yaba, Arabaya otu yığarlar qaba. Arabaya ot qalanar, dağ olar, Kəndlilərin onda kefi çağ olar. Arabaya at qoşulub gözləyir, Sanki qaxılmış yerə, tərpənməyir, Əymə kimi saxlamış ayaqların, Sallayıban hər iki qulaqların. * * * Tənbəl Çox yatma, dur, a tənbəl, Yatsan olar iş əngəl. Gün dağlara yayıldı, Hər bir yatan ayıldı. Yar-yoldaşın səhərlər Tez məktəbə gedərlər. Sən çəştədək yatırsan, Pal-paltarın atırsan. Xeyrü şərin qan, oğlum, Öz halına yan, oğlum. Bir azca himmət eylə, Bir azca qeyrət eylə. Hər kim dilər şad olsun, Getsin çalışqan olsun. * * * Güllərin bəhsi Q ı z ı l g ü l Mən şahıyam qönçələrin, güllərin, Ən gözəl istəklisi bülbüllərin. Mən hamıdan yaxşı yaraşıqlıyam, Sevməliyəm, ətrə bulaşıqlıyam. Fəxr edərəm halətimə, həngimə, Qırmızı yarpaqlarıma, rəngimə. Bağı tutar ətri-dəhanım mənim, Eybi nədir varsa tikanım mənim?! A ğ z a n b a q Əldə mənim ağ qədəhim vardır, Ağzınadək ətr ilə sərşardır. Var arıdan ötrü qızıl tək tozum, Boyda, buxunda da qəşəngəm özüm. Gərçi uzundursa mənim yarpağım, Yoxdu yenə lovğalığım, azmağım. Haf, kəpənək, xırda qarışqa yenə, Gündə gələrlər, sığınarlar mənə. Ş ə b b u Gər yox isə sevməli rəngim mənim, Şux deyildirsə də həngim mənim, Ətrim uzaqdan bürüyür aləmi, Valehü heyran eləyir adəmi. Xalq deyər çün hamı şəbbu mənə, Fəxr üçün, əlbəttə, yetər bu mənə. Mən üməralar bağının malıyam, Güllər arasında tamaşalıyam. * * * Küçə uşağı Görsəm çamırlı bir küçədə oynayır haçaq, Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq, Adət edib söyüşməyi, daim savaşmağı, İt qovmağı, daş atmağı, xalqa sataşmağı, Əxlaqı pozuğ, adəti pis, pasibani yox, Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq, Sən sevgili vətənciyimin gül fidanısan, Sən bir gözəlcə qönçəsən, amma yabanısan. Zənnim budur, dilənçilik eylər anan sənin, Zindanlar içrə can çürüdür həm atan sənin. Sən gözləmirmisən yaşamaqdan çox il hələ? Zülmətli yollar içrə gəzirsən neçün belə? Yavrum, quzum, bahari-həyatın nə cür olar? Çapqınçılıq, səfahətü fisqü fücur olar. Kəsbin yox, üsrət ilə keçər çox məişətin, Bilməm ki, fəhləlikdə yetər vəqti-rehlətin, Ya xəstəxanə içrə, ya küncündə zindanın, Yainki dəzgahlar dalısında çıxar canın? Ox, yavrum, anlasaydı bu gün millətin sənin, Bilsəydi layiqincə əgər qiymətin sənin, Can tək basardı bağrına, eylərdi tərbiyət, Olmazdı razı puç olasan böylə bicəhət. Əsbabi-fəxr olmuş ikən sən də millətə, Min dürlü faidə yetirərdin cəmaətə. * * * Qarışqa və milçək Dedi bir gün qarışqaya milçək: ..Sən zirəksən və ya ki, mən zirək? Hara mən istəsəm uçub gedərəm, Özümə hər yeri yuva edərəm. Hər xörək üstünə qonub yeyərəm, Səndən artıq hünərliyəm deyərəm. Məni hərgah ki, qovsalar, qaçaram, Uçmağa onda qol-qanad açaram. Qanadım vermiş ixtiyar mənə, Yoxdur əsla qəmim, nə var mənə? Xörəyimdir həmişə amadə, Kim yaşar mən kimi bu dünyadə? Xabgahım hərirü dibadır, Mənzilim bəzmi-şahü paşadır. Yoxdur əsla nə hörmətin, nə yerin, Söylə, aya, nədir sənin hünərin? Dedi qarışqa: – Kəs daha sözünü, Bəsdir, az tərif eylə öz-özünü. Yay günü yığmayanda mayətac, Qış olanda, odur, qalarsan ac, Çəkərəm yayda mən əgərçi cəfa, Sürərəm qış zamanı leyk səfa. İşdən ötrü ki, getmədi tənbəl, İşinin axırı olar əngəl. Çəksə hər kim ki, bir qədər zəhmət, Olar, əlbəttə, aqibət rahət. * * * Ayı və arılar Bir ayının düşdü yolu bir zaman Bal arısı kəndisinə nagəhan. Yıxdı yerə kəndini dərhal ayı, Ta dağıdıb sonra yesin bal, ayı. Agah olan tək arılar haldan, Oldular aşiftə bu əhvaldan. Ol ayını döyməyə bilittifaq – Eylədilər həmlə hərə bir sayaq. Gördü fənadır işinin axiri, Qaçdı o saət ayı ordan geri. * * * Tülkü və meymun Dedi bir tülküyə bir gün meymun: – Səndə, yoldaşcığazım, çoxdur yun, Mən görürsən ki, nə cür üryanam. Müstəhəqqi-kərəmü ehsanam. Tükün əndazədən artıq görünür, Quyruğun, gör necə, yerlə sürünür. Elə bir lütfü inayət, tülkü, İltimasimi icabət, tülkü. Saxla əvvəl sənə lazım olanı, Ver mənə sonra o artıq qalanı. Bürüyüm mən də onunla özümü, Mərhəmət eylə, qəbul et sözümü, Söylədi tülkü: – Əbəsdir bu xəyal, Məndən ol mərhəməti etmə süal. Quyruğum gərçi uzundur, a kişi, Var onun kəndinə məxsus işi. O həmişə süpürür torpağı, Mənə lazımdır onun olmağı. * * * Tülkü və qurd Tülkü gəzəndə yıxılıb nagəhan, Bir quyuya düşmüş idi bir zaman. Torpağa sürtmüşdü üzün, həm gözün, Qurtara bilməzdi ölümdən özün. Düşdü qəzadan ora qurdun yolu, Baxdı ki, görsün quyu boşdur, dolu. Tülkü onu gördü, salam eylədi, Ağladı, yalvardı belə söylədi: ...Qurd lələ, səndən edirəm iltimas, Sən məni bu təhlükədən qıl xilas. Qurd dedi: – çox-çox yanıram halına, Xatirim aşiftədir əhvalına. Bilmirəm axşam edəcəksən necə? Sübh açacaqsan nə sayaq bu gecə? Tülkü dedi: – Çox sağ ol, ey qurd lələ, Boş danışıqdan nə yetər hasilə? Sən belə hərgah mənə qəmxar isən, Halıma rəhmin gəlib ağlar isən, Bir qədər ip tap mənə qıl iltifat, Ver mənə bir növ ilə burdan nicat. Yoxsa ki etməz quru söz iktifa, İş gərək olsun, nə əbəs iddia. * * * Ayı və şir Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə, Çıxdı iş axır ölüb-öldürməyə. Çeynədilər, dişlədilər, diddilər. Bir-birini al qana qərq etdilər. Özlərini taqətdən saldılar, Hər biri bir səmtə düşüb qaldılar. Tülkü uzaqdan görüb ol haləti, Bildi ki, yox heç birinin taqəti. Gəldi götürdü ovu, etdi fərar, Həsrət ilə baxdı dalınca bular. * * * Sərçə və qırğı Sərçəni bir qırğı edərkən şikar, Bir tələyə oldu qəzadan düçar. Cütçü görüb tutdu onu ol zaman, Qırğı gəlib naləyə etdi fəğan, Söylədi: “Rəhm eylə, məni qıl xilas, İcz ilə səndən edirəm iltimas. İstər idim ovlamağa sərçəni, Sən niyə nahaq yerə tutdun məni? Verməmişəm mən ki, xəsarət sənə, Sən də dəxi vermə əziyyət mənə”. Cütcü baba böylə deyib qeyznak, Eylədi ol qırğını ol dəm həlak. Xəlq ilə hər kəs necə rəftar edər, Haqq onu ol dərdə giriftar edər, Yaxşılığa yaxşı cəzalar alar, Pisliyə həm dürlü əzalar alar. Səy elə əxlaqını qıl xubtər, Xülqi-həsən sahibi ol, ey pəsər. * * * Oğru və anası Bir məktəbli oğurladı bir vəqti Yoldaşının kitabının xəlvəti. Evlərinə gizlin onu gətirdi, Öz istəkli anasına yetirdi. Validəsi oğurluğun anladı, Yavrusunu nə qarğadı, nə danladı. Öz tutduğu işdən uşaq xoşlandı, Bundan sonra oğurluğa dadandı. Fikr eylədi: “Nə yoğurdum, nə yapdım, Əcəb işdir, hazırca kökə tapdım”. Kəsb etmədi, cib kəsmək adət etdi, Quldur oldu, ev kəsdi, qarət etdi. Oğrulara yar oldu, yoldaş oldu, Quldurlara, qaçaqlara qoşuldu. Bir iş üstə axır müqəssir oldu. Divanbəyi hökm eylədi, tutuldu. Qanun üzrə mühakimə olundu, Fərman çıxdı, asılsın, hökm oxundu. Zavallı ta cəzasını dinlədi, İzn istədi, bir neçə söz söylədi: ...Ay hakimlər, müqəssirəm, doğrudur, Həqiqətdə mənim anam oğrudur. Əvvəl dəfə oğurluğa uyarkən, Yoldaşımdan kitab oğurlayarkən, Etsə idi anam məni məzəmmət, Olmaz idim indi bu növ bədbəxt. Mənə anam belə olmuş müdəbbir, İnsaf ilə deyin, kimdir müqəssir? * * * Gün və külək Bir zaman oldu bir belə qovğa, Külək ilə gün etdilər dava. Dedi əvvəl külək: – Edək bir fən, Mən görək güclüyəm və ya kim sən? Gün dedi: – Bax, budur, bu dağda çoban, Gücünü hər nə varsa eylə əyan, Hansımız açdırar onun yaxasın, Bacarıb da çıxartdırar çuxasın, Deyərik kim, onun gücü çoxdur, Ona dünya üzündə tay yoxdur. Külək ol dəmdə bərk əsib qayaya, Tez qopartdı, Güc eylədi çuxaya. Çuxasın çəkdi ol çoban başına, Getdi söykəndi bir qaya daşına. Nə qədər yel soyutdusa havanı, Çoban artıq büründü bərk çuxanı. Vermədi bir nəticə tədbiri, Bəlkə bərəks oldu təsiri. Günə növbət çatan kimi o zaman, Vəsəti-asimanda oldu əyan. Belə bir isti torpağa saldı, Alışıb yanmağa çöl az qaldı. Çobana isti güc gəlib o zaman Çuxasın, paltarın çıxartdı haman. Yel çalışdı nə qədər qurdu kələk, Yenə axırda oldu gün zirək. Güc və zor ilə heç bir iş aşmaz, İş əlində həlim olan çaşmaz. * * * Ulaq və aslan Bir xoruz ilə bir zaman eşşək Kənd içində gəzirdilər tək-tək. Nagahan gördülər ki, bir aslan Üz qoyub kənd sarı gəlir qərran. Qorxudan saldılar xüruşü səda, Bir-birə dəydi kattavü koxa. Vəzü övzaı çünki gördü yaman Qayıdıb qaçdı çöl sarı aslan. Belə görcək ulağ güman etdi: “Qorxdu məndən bu şir, qaçıb getdi”. Daha şövqündən olmadı rahət, Elədi şiri qovmağa cürət. Qayıdıb şir baxdı məstanə, Gördü eşşək gəlir diliranə. Güldü bir qədr onun səfahətinə, Dərkinə, fəhminə, fərasətinə. Tutdu, yıxdı yerə o nadanı. Yırtdı, cırdı, dağıtdı heyvanı. Dirilikdən olan zaman məyus. Anlayıb eşşək eylədi əfsus: ...Gücümü mən bilə-bilə nahəq, Şirə qıldım hücum mən əhməq. Mən bilirdim bu aslanın hünərin, Çəkirəm indi səhvimin zərərin. * * * İlk bahar Gəldi martın doqquzu, Bayram etdik novruzu. Qar əridi, yox oldu. Çaylarda su çox oldu. Dağlar, çöllər dişərdi, Novruz gülü göyərdi. Gecə-gündüz tənləşir, Hava hərdən çənləşir. Dağa qalxır dumanlar, Tez-tez yağır neysanlar. Yüngül, sərin meh əsir, Yağmuru birdən kəsir. Aralanır bulutlar, Təravətlənir otlar. Düşür günün ziyası, Artır yazın səfası. Göy üzündə bir qəşəng, Tağ görünür yeddi rəng. Gözəl qövsi-qüzehlər, Qəlbə verir fərəhlər. Quşlar ötür çöllərdə, Ördək üzür göllərdə. Əsir isti küləklər, Uçur qazlar, ördəklər. Yarpaqlanır ağaclar, Yaşıllanır yamaclar. Seyrə çıxır uşaqlar Göy çəməndə oynaqlar. * * * İki uşaq Yoldaşına bir uşaq Dedi: – Dur gəl oynayaq. Oynamağın vaxtıdır, Qızılgülün taxtıdır. Qızılgülü əkərlər, Misqal ilə çəkərlər. Gedək görək uşaqlar Bağda nə cür oynaqlar. Yoldaş dedi: – Qardaşım. Dinmə, ağrıyır başım. Açılsa gül, olsa yaz, Mənim könlüm açılmaz. Mən dərsimi bilmirəm, Oynamağı neylirəm. Buna dedi o birsi: ... Bu gün qoy qalsın dərsi, İndi hələ gəl gedək, Bağda gəzib seyr edək. Ertə durarsan səhər, Dərsi edərsən əzbər. Yoldaşı verdi cavab: – Danışma bəd-bihesab, Sübhə bugünkü işi, Qoymaz ağıllı kişi. Dərsimi hazırlaram, Sonra gedib oynaram. * * * Köç Səhər-səhər yaz çağı, Köçür oba yaylağa. Gəlinlərin balağı, Batır lilə, batdağa. Arvad, kişi, oğlan, qız, Gön çarıqlı, başmaqlı, Gedir qoruq-qaytaqsız Gəlin, qızlar yaşmaqlı. Qoyun, quzu, at, eşşək, Salmış çölə qalmaqal, Dəvə, maya, nər, köşək, Lökləyirlər dalbadal. Kişi əlində çomaq, Sürür yüklü öküzü. Dəvə üstə bir uşaq Çox oxuyur bu sözü. “Ağ dəvə, alçaq gedər, Qolunda qolçaq gedər. Ağ dəvənin gözləri, Yerə dəyər dizləri. Endi çaya yuh-yuh, Ağca maya yuh-yuh”. * * * Ana və bala Oturmuş ana, Basmış bağrına – Nazlı körpəsin, Layla der ona. Uşaq yatmayır, Baxır, ağlayır, Anası onu Bu cür oxşayır: “Dağda darılar, Sünbülü sarılar, Qoca qarılar, Bu balama qurban. Dağda tağanlar, Bir-birin boğanlar, Oğlan doğanlar, Bu balama qurban. Bir bölük atlar, Atlar göy otlar, Ərsiz arvadlar, Bu balama qurban. Dağın maralı, Gözü qaralı, Dünyanın malı, Bu balama qurban”. * * * İki dana Getmişdi bir cüt dana, Otlamağa bir yana. Naxırdan ayrıldılar, Bir dərədə qaldılar. Axşam olanda biri, İstədi dönsün geri, Yoldaşın dümsüklədi, Bu cür ona söylədi: ...Ay dana, dana, dur gedək, Qarnını doldur gedək, Yoldaşı verdi cavab: – Etmə canım, iztirab, Tələsmə, çox ertədir. Eşitdikdə bu sözü Kəndə qayıtdı özü. O birsi orda yatdı, Qurd da gəlib dağıtdı. Yoldaşı gəldi səhər, Ta ondan tutsun xəbər. Gördü ki, o can verir, Rəhmi gəlib dindirir: – Ay dana, dana dartadır. – Dindirmə, dərdim artadır. – Mən sənə dedim gəl gedək, Sən niyə dedin ertədir? * * * Məktəb şagirdi İştə bir tərbiyəli, aqil uşaq, İştə bir zirək, ayıq, kamil uşaq. Geyinib məktəbinin formasını, Götürüb qoltuğuna çantasını. Məktəbə şövqi-tamam ilə gedir, Keçməsin vaxtı deyə sürət edir. Gecə-gündüz çalışır mərdanə, İstəyir sibqət edə əqranə. Könlünün arizuyi-yektası: Vətənü millətinin ehyası. A çocuq, get, sənə haq yar olsun. Cümlə halında mədətkar olsun. Elm təhsili əziyyətli isə, Qışda yol getməyi zəhmətli isə, Qorxma, qeyrətlə çalış, əlbəttə, Biləcəksən, oxusan tez vəqtdə – Ki, cahan içrə böyük insanlar. Nə qədər zəhmətə düşmüş onlar. Sinfi-ədadini təkmil eylə, Məktəbi-alidə təhsil eylə. Səy elə, sən də böyük insan ol, Doğruluqda bu ada şayan ol! Qoy cahan elm ilə pürnur olsun, Vətən o sayədə məmur olsun. * * * Aşpaz və pişik Keçmiş əyyamda, köhnə dövranda Bir böyük padişahın İranda, Bir nəfər kamil aşpazı var idi, Təbx işində ziyadə pərkar idi. Bişirərdi gözəl fisincanlar, Hazır eylərdi dürlü büryanlar. Dadlı-dadlı, lətif müsəmmalar, İştəha artıran mürəbbalar, Leyk mətbəx pişikləri hər vəqt. Yazıq aşpaz edən kimi qəflət, İttifaq eyləyib cumarlar idi, Ətdən, aşdan qapıb qaçarlar idi. Aşpazın təlx olardı övqatı, Xərci artıb itərdi zəhmatı. Darıxıb pusquda çəkirdi keşik, Rastına düşsə idi hansı pişik, Fikri ondaydı kim, vurub yıxsın, Onları öldürüb əvəz çıxsın. Vardı ormanda bir qanan meymun, Çox fərasətli, kardan meymun, Düşdü təşvişə, yapdı bir şura, Yığdı meymunları, dedi guya: – Cümlə qəflətdəsiz, a qardaşlar! Başımızda böyük fəlakət var. Padşah aşpazı gəlib qəzəbə, Etmək istər pişiklərə qələbə. Olacaqdır müharibə burada. Qorxuram biz tələf olaq arada. Yetməmişkən bizə bu işdə zərər, Edəlim başqa bir diyara səfər. Dedilər: – Ay qoca, zəifləmisən, Çaşıb əqlin, yazıq, xərifləmisən. Biz hara, padşah sarayı hara, Biz hara, cəng, təbl, nay hara? Yaxşı fikr et bir, ay canım, sən özün, Bizə aya nə dəxli var bu sözün? İstər aşpaz pişiklə cəng etsin, Bizə ondan neçün ziyan yetsin? Hansı aqil edər buna bavər – Ki, yetər bizlərə bu işdə zərər? Qoca meymun çox eylədi israr, Sözünə heç kəs etmədi iqrar. Gördü şey çıxmayır mübahisədən, Qorxduğuyçun o qanlı hadisədən, Özü yalqızca etdi tərki-vətən, Başqa ormanda eylədi məskən. Aşpaz isə gəlib daha təngə, Hazır olmuşdu ol zaman cəngə: Bişirib yığmış idi yağlı pilov, Mürği-turş, dolma, küftə, şorba, çilov, Doldurub düzmüş idi nimçələri, Bəzəmək istəyirdi xönçələri – Ki, qəfildən pişiklər etdi yürüş, Getdi talana mürği-turşü xuruş. Qaçdılar dişrə, çəkdilər mirrov. Qapdı aşpaz yanar bir odlu kösöv. Birin öldürdü, qoymadı dəbərə. Birisin damda vurdu, saldı yerə, Birinin arxasınca silbələdi, Filhəqiqət olarla cəng elədi. Lakin od düşdü, dam-dirək yandı, Padişahlıq, təvilə odlandı. Gərçi söndürdü yanğını hüzzar, Heyf, yanmışdı bir neçə atlar. Yığdı baytarları o dəm soltan, Dedi: – Tez atlara edin dərman! Ərz qıldı tamam baytarlar: – Şahım, at yansa bircə dərmanı var. Xeyli meymun yağı gərək buluna – Ki, yanan atlara əlac oluna. Soltan əmr etdi, ləşgər atlandı. Çıxdı fərman, sərəsgər atlandı. Pəhləvanlar götürdü tirü kaman, Oldu fövrən mühasirə orman. Dörd tərəfdən atıldı qurşunlar, Gülləbaran olundu meymunlar. Qoşun öldürdü onları yeksər, Qaçıb ancaq qutardı bircə nəfər. O da artıq əzabü zəhmət ilə, Min bəlalarla, min əziyyət ilə, Ol qoca meymuna gedib çatdı, Surəti-macəranı anlatdı. Ağlaşıb oldularsa, çox qəmgin, Qoca sonra ona verib təskin, Söylədi: – Baxmayan böyük sözünə, Şübhə yoxdur, ziyan vurar özünə. * * * Bir məktəbdə imtahan İmtahan məclisi qurulmuşdur, Zalda skamyalar qoyulmuşdur Bir-birindən beş-altı arşın uzaq, Hər bir skamya üzrə tək bir uşaq, Nəzmü tərtib ilə oturmuşlar, İmtahançın siyahi tutmuşlar. Bunların qarşısında azca kənar Yaşıl örtüklü bir böyük miz var. Üzvi-məxsus olan müəllimlər, Həp oturmuş nizam ilə yeksər Qapılar örtülüb qapanmışdır, Arxasında nökər dayanmışdır. Qeyz ilə durmuş ortalıqda müdir, İmtəhan yazısın edir təqdir. Rəd tək gurlayan zamanda səsi, Çıxmayır, san, çocuqların nəfəsi, Hamının qarşıda qələm-kağızı, Qurumuşdur yazıqların boğazı. Əsəbilikdən iştə bəzi çaşır, Əlləri titrəyir, dili dolaşır, Bəzinin qorxudan gözü qaralır, Ürəyi çırpınır, üzü saralır. Bəzi tutmuş iki əlilə başın, Fikrə dalmış, unutmuş arkadaşın. Özünə yoldaşın görüb üskün, Bəzi olmuş həyatına küskün. Gah mudirin acıqlı qaşqabağı O sayaq qorxudub yazıq uşağı – Ki, yazıq büsbütün itirmiş özün, Yazmağa tapmayır dünənki sözün. Ayrı-ayrı hərə kitabət edir, Xacələr onlara nəzarət edir. Hansı şagirddə varsa istedad, Fikrə piçidədir, yazır dilşad. Hansı şagirddə kim bətaət var, Surətində qəribə halət var, Yarü yoldaşlarından ar edəcək. Bəlkə axırda intəhar edəcək. Bu sayaq kəsbi-elmə rağib ikən, Bu sayaq xacələr məvazib ikən, Tifli-məsumlar imtahan tutdu, Başlarında bilik məkan tutdu. Aldılarsa qızıl nişanlarını, Heyf bilməzlər öz lisanlarını. Əcnəbi dillərində çox mahir, Öz lisanında dilləri qasir. Atalar çoxları əvamünnas, Öz yanında edir bu növ qiyas: “Öz dilindən heç olmasın xəbəri, Onu bilməkliyin nədir səməri?” Öz dilin bilməmiş yarım-yamalaq, Tərbiyət alsa əcnəbidən uşaq, Hissi-milliyyət onda bitməzmi? Adı dünya üzündə itməzmi? * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-usaq-seirleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.