Yoxsulluq eyib deyil Abbas Səhhət (1874–1918) Yoxsulluq eyib deyil Rus ədiblərindən A.N.Ostrovskiyə nəzirə ƏFRADİ - MƏCLİS HacıDəmir – Yetmiş yaşında bir tacir Səfər – Hacı Dəmirin qardaşı, qırx yaşında Yusif – Hacı Dəmirin mirzəsi, iyirmi beş yaşında Əhmədbəy – Mülkədar bir bəy Məclisə lazım olan şeylər: döşək (üstündə Hacı Dəmir oturmağa). Stol, dəftər, kağız, şotka, kalendar, sandalya, dəmir sandıq, dəvat, qələm * * * Birinci pərdə Məclis vaqe olur hacının hücrəsində. Mirzə Yusif stolun dalında oturub hesaba baxır: Səfər Qardaşımdır, Yusif, bu tacirbaşı, Mən də onun kiçik, doğma qardaşı. Bir az burda isinməkçin qoy gəlim, Titrəyirəm, tutmur soyuqdan əlim. Yusif Eybi yoxdur, gəl, qardaşıım Səfər, gəl, İstəsən də yat, bir qədər də dincəl. Səfər Qovmazsan ki, məni, Yusif, burdan sən? Bax, soyuqdan titrəyirəm, görürsən. Yusif Bu nə sözdür, heç belə şey olarmı, Müsəlman da qonağını qovarmı? Səfər Yusif, Allah xoşbəxt eləsin səni, Düz bir ildir qardaşım qovub məni. Bu dərbədər Səfər qadanı alsın, Qoy dərdimi deyim, qəlbim boşalsın. Nə qədər ki, pulum, malım, var idi, Mənə hər kəs yoldaş idi, yar idi. Hər yerdə aş vardı orda baş idim, Xana qardaş, bəylərə yoldaş idim. Məstkən molla evinə də gedərdim, Bir süfrədə çox vaxt nahar edərdim. İndi heç kəs salamımı almayır, Yoldaşlar da məni yada salmayır. Uydum mən axmaq içkiyə, qumara, Qoydum pulu xanəndəyə, qızlara. Aşna dediklərim məni soydular, Axır belə yaman günə qoydular. Yusif onun sözünü kəsərək Yaxşı, indi ki, sən bunu duyursan, Neçün qumara, içkiyə uyursan? Səfər Neçün? Bu aşkar şeydir, axmaqlıqdan, Bədbəxtlikdən, yəqin ki, sarsaqlıqdan. Yusif Gəl tərk et içkini, olma qumarbaz. Səfər Sən bilmirsən, Yusif, tərk etmək olmaz. Kimsə ki, düşsə belə bir pis yola, Çox çətindir bir də o aqil ola. Yusif Necə? Nə yol? Səfər Dinlə şərhi-halımı, Qoy nəql edim, sən də bil əhvalımı. İyirmiydi atam öləndə yaşım, Ayrılmaq istədi məndən qardaşım. Gər danışsam məni necə ayırdı, Mülkün çoxun öz adına qayırdı. Bu...uzundur, Allah özü alimdir, Mənim bu qardaşım necə zalimdir. Hər nə isə, axır mənlə bölüşdü. Mülklər ona, mənə pul, veksil düşdü. Mən də burdan haydı, getdim Tiflisə, Yoldaş oldum naəhlə, hər pisə. Traktirdə, duxanda, padvallarda, Keyf elədim teatrda, ballarda. Yusif Teatra getmək gətirməz nöqsan, Görər o güzgüdə öz eybin insan. Səfər Məgər heç mən ayıq olurdum gecə, Ta biləydim artist oynayır necə? Anlamırdım əsla hara gedirdim, Gedib yar-yoldaşı qonaq edirdim. Kefli idim, pulum nə qədər vardı, Ancaq ayıldım onda ki, qurtardı. Baxdım gördüm nə tas qalıb, nə hamam, Çıxmış əlimdən var-yoxum bittamam. Könlüm içki istəyir, nə etməli, Pul da yoxdur, kimə, hara getməli? Tutdum satdım bircə-bircə paltarı, Nəyim vardı: kürkü, börkü, şalvarı. İndi görürsən bu kökdə laəlac, Bu qış fəsli əynim cındır, qarnım ac. Hardan getsəm baxır mənə cəmaət, İnan ki, öldürür məni xəcalət. Bir qəpiyim yoxdur cibimdə, acam, Bir günümün ruzisinə möhtacam. Ancaq oğurluğa gəlir gümanım, Yox, ona da razı olmur vicdanım. Soyuq dəyib, bax qurutmuş belimi, Ovuşdurub hovxururam əlimi. Dırnaqlarım donur, yerə döyürəm, Öz-özümü yorulunca söyürəm. Səhər tezdən tingələrdə dururam, Gəlib-gedən məxluqa baş vururam, Bundan, ondan qəpik-quruş alıram, Üç gün-üç gün çox vaxtı ac qalıram. Yox bir adam gedib dərdimi deyim, Sən de görüm: nə qayırım, neyləyim? Yusif Bu yaramaz, yox, çarə tap başına, Məndən olsa yenə de qardaşına. Səfər Yox, demərəm, çün bir dəfə getmişəm, Ağlayaraq dərdimi ərz etmişəm. Qovdu məni, düşdüm ayaqlarına, Çox yalvardım arvad-uşaqlarına. Dedim: saxla məni, qul olum sənə. Qardaş yox, saleh oğul olum sənə. Dedi: yoxdur heç şeyə ləyaqətin, İtil burdan, basar məni nikbətin. Nə etməli, Allah versin bəlasın, Napak qulun haq dinlər iddəasın. Yusif istəyir çıxarıb ona pul versin Yusif, mənə pul vermə... Yəni yox, Deyirəm ki, versən, az ver, vermə çox. Yusif Buyur, nə qədr istər isən verərəm, Səndən məgər müzayiqə elərəm? Səfər O ağ puldur, istəmirəm, qoy dursun, Bu bir şahı hələ bəsimdir bu gün. Hacı Dəmir daxil olur Hacı Sən burdasan yenə, kim verdi rüsxət? Bir də bura gəlməyə etdin cürət? Deməmişəm bu ətrafa dolanma, İtil burdan, daha artıq dayanma! tərəfə Bax, bax buna, üz-gözündən bit yağır, Məsx olubdur, insana da oxşamır. Şəxsi tutanda Allahın qəzəbi, Əlbəttə ki, özü olar səbəbi. Səfər Qardaş, sənə bircə kəlmə sözüm var. Hacı sözünü kəsərək Hacı Çıx bayıra, etmə buranı murdar. Get, get. Hələ bu saat şüğlüm çoxdur. Danışmağa səninlə vaxtım yoxdur. Səfər gedir, Hacı çəkib hücrənin qapısını örtür HacıYusif, bu gün bir yaxşı fikr etmişəm, Ağsu bəyi Əhməd bəy, eşitmişəm, – Bir az pul istər edə müamilə, Artıq tənzil ilə bir neçə ilə. Fikrim budur onu çağırım qonaq, Az pul verib kəndini girov alaq. Vədə tamamında işi düzəlməz, Nə ki, fərin, əslin də verə bilməz. İldən-ilə şişib artar tənzili, Təzələrəm nastoykayla veksili. Sonra çıxardaram kəndi əlindən, Dolanarıq fariğ-bal hasilindən, Bir nəfər də var aramızda dəllal, Tanırsanmı? Binəkdar Şuşan baqqal. Bir az şey də ona rüşvət verərik, Gələcəkdə kəndə yiyələnərik. Sabah gecə gələcəkdir o bizə, Sən də nahar yeməginən gündüzə. Axşam olcaq tez gəl bizdə, şam elə, Yaz kağızın, işi tez tamam elə. Mən gedirəm, var qeyri-yerdə işim, Ancaq bununçündü bura gəlişim. Hacı gedir. Yusif yalnız, tərəfə Yusif Görürsüzmü necə qara vicdandır, İnsan cildində yırtıcı heyvandır. Utanmır da, deyir mən müsəlmanam, Hacıyam, möminəm, əhli-Quranam. Görüz necə pambıq ilə baş kəsir! Öz doğma qardaşı soyuqdan əsir, Köhnəciyin qıyıb ona verməyir, Artıq-artıq min-min yaman söz deyir. Hər gün gedir camaatla namaza, Başlayır məsciddə razü niyaza. Bığın vurdurmuş, uzatmış saqqalı, Ağzın etmiş qırxıq pendir motalı. Əldə təsbih, dodaqların tərpədir, Xalq da elə zənn edir ki, zikr edir. Halbuki, tənzilin sayır pulunun. Şəhrin yetim-yesirinin, dulunun Bu fənd ilə əldən alır var-yoxun, Qəbul edir, dolaşdırır az-çoxun. Sonra vermir, göyə çıxsa da ünü, Göy əskiyə düyünləyir gününü. Mən də onun acığına Səfəri, Tapıb verəcəyəm həmin xəbəri. Gecə gəlsin, həm qoy yesin aşından, Əhməd bəyin yanında qardaşından Pul istəyəndə kəsilər əlacı. Az da olsa, boş yola salmaz Hacı. Qoy hücrəni bağlayım. Durum gedim, Səfəri bu işdən xəbərdr edim. Pərdə * * * İkinci pərdə Hacının evi. Bir neçə dənə stol və miz düzülüb, lampa yanır. Hacı əyləşmişdir. Yusif daxil olur Hacı Yusif, gəldin, gəl əyləş görək nə var? Yusif əyləşir Yusif Sağlığınız, gəlməyibdir bəs olar? Hacı Necə olar? Yalqızca bir Əhməd bəg, Nökərsiz, yoldaşsız bura gələcək. Yusif Bir adamı tək çağırmazlar qonaq. Hacı Bu nə sözdür, hələ uşaqsan, uşaq. Nə var xalqı yığıb bura dolduram, İstəyirəm mən bəyə tələ quram. Bir az da qəlp pulum var, heç bilinməz, Verrəm ona, xərclənə, ya xərclənməz. Hazır veksil kağızı var, yazarıq, Onun üçün dərin quyu qazarıq. Bu məluna hər nə eləsən azdır, İçgiçidir, fasiqdir, binamazdır. Qəlp pulları verrik ona tənzilə, Həmin burda qol qoydurruq veksilə. Sonra getsin ha çığırsın, bağırsın, Hər nə gəlsə əlindən qoy qayırsın. Yusif Hacı, bəlkə işin üstü açılar, Xalqın yanında bizi rüsvay qılar. Qəti-nəzər ondan da bədtər daha – Olur bu iş acıq gələr Allaha. Hacı Yox, yox, sənin bu fikrin boş xəyaldır, Bu cür adamların malı halaldır. O Allaha, peyğəmbərə inanmır, Açıq çaxır içir, qorxmur, utanmır. Alimlərin dalısınca danışır. Dindən-dondan çıxıb çox azğınlaşır. Bu əsnada Səfər daxil olur. Hacı durur və qəzəbli bir halda Hacı Sənə kim rüsxət verdi gəldin bura? İtil, itil get cəhənnəmə, gora! Yusif Hacı, sənin ürəyin ki, daş deyil, Saildir bu, tutaq ki, qardaş deyil. Nə eybi var, qoy əyləşsin, şam etsin, Ondan sonra qovsan yenə qov getsin. Hacı İndi yad adam gələcək, mən necə Qoyum onu burda qalsın bu gecə? Görürsənmi ağzından nə iy qoxur, Xalq yanında başımı yerə soxur. Nə ki evə, töyləyə də qoymazlar – Bunu, ta bəlkə, şal, qaşov oğurlar. Səfər Mən bilmirəm insanmısan, ya heyvan, Beş dəqiqə səbr qılıb bir dayan! Qoy sözümü deyim, bircə qulaq as, Pis danışsam qovdur, döydür, daşa bas. Düzdür, cavanlıqda yoldan azmışam, Öz-özümçün dərin quyu qazmışam. Səhv etmişəm pis olubdur mürəbbim, Sən atsan da, atmaz yəqin ki, rəbbim. Hacı kəmali-küdurətlə üzün bundan o tərəfə çevirib acıqlı dirsəklənib ona baxır. Səfər Görürsən ki, qardaş, ömrüm qurtarmış, Belim bükülmüş, saqqalım ağarmış, Naharsızam, soyuqdan tutmur əlim, Ölmək istəyirəm, çatmır əcəlim. Hammallığa, fəhlələiyə yox canım, Nə vaxtadək sailliklə dolanım? Səfər dizi üstə çökmüş yalvardığı halda Əhməd bəy içəri girir və dayanıb heyrətlə onlara baxır Səfər İnsafa gəl, çevir məni başına, Allah üçün rəhm elə qardaşına. Yerdə qalmaz gözdən axan bu yaşlar, Əlbəttə ki, Allah qulun bağışlar. Əhməd bəy salam verir. Hacı qayıdıb onu gördükdə ayağa durur. Hacı Bağışlayın məni, bəy cənabları, Xoş gəlmisiz, buyur, buyur yuxarı. Əhməd bəy əyləşir və təarüf qaydası ilə. Əhmədbəy Əhvalınız, xudahafiz, ya Allah, Eyimisiz, Yusif? Ağa Səfər, pah! Görükmürsən, nə qayırırsan, neylirsən? Çoxdan bizim tərəflərə gəlmirsən, Bundan qabaq mağıl gəlib-gedirdin? Səfər Yaxşı oldu, sən də təşrif gətirdin. A bəy, sən də bir qulaq ver sözümə, Nahaq danışsam, dur tüpür üzümə. Mən deyirəm bizim Hacı dadaşa, Harda lazım olar qardaş qardaşa? Görürsən ki, nə kökdəyəm, nə gündə, Kafirin də rəhmi gələr görəndə. Qovma məni bu halla, az utandır, Bircə qarın çörək verib dolandır. Yavan çörək tapsam, heç dərdim olmaz, Yanıram, ay qardaş, tüstüm duyulmaz. Bu mən, bu sən, bu qılıncın, bu başım, Yoxsulluq ki, ayıb deyil, qardaşım. Hacı Bəsdir, daha nahaq yanma, alışma, Aparma beynimi, uzun danışma... Bu qədr bil aləm dönsə pilova, Pup eləyib gözün düşsə ovcuna, Qarışdırram onu toza, peyinə, Bir düyü, bir suluf vermərəm sənə. Hayıf deyil sənə mənim çörəyim? Üzünü görcək bulanır ürəyim. Adını qoymusan mömin, müsəlman, Amma gecə-gündüz lül-qənbər, piyan. Utanmırsan, bu nə qandır, nə ardır?! Müsəlmanlıq özü səndən bizardır. Dur ayağa, darıxdırma çox məni, İtil, yoxsa sürütdürrəm lap səni! Səfər durub gedir. Əhməd bəy Hacıya təəccüb və qeyzlə deyir Əhmədbəy Hacı, mən heç belə bilməzdim səni, Başqa cürə aldatmışdılar məni. Nəinki səndən mən pul götürmərəm, Evində də bir saat oturmaram. Burda çörək yeyib getsəm yatmağa, Yuxumda görərəm ilan-qurbağa. Qardaşına rəhm etməyən bir nəfər, Başqasıyla yaxşımı rəftar edər? Yox, yox, səndən kənar olmaq yeyraqdır, Səndən qaçan dərd-bəladan uzaqdır. Durur getməyə. Yusif mütəvəcceh olub deyir Yusif Bəy əfəndi, zəhmət çək, bir az dayan, Getməliyəm mən də səninlə burdan. Bir-iki sözüm var Hacıya, qoy deyim, Buna xidmət istəmirəm eləyim. Sonra Hacıya mütəvəcceh olub deyir. Nə zülm oldubdur sənə, cənab Hacı, Bu növilə olmusan qanı acı? Bir fikr elə, yetmişə çatmış yaşın, Müsəlmanam dersən, zəkat verməzsən, Nəzrü-niyaz, ehsan, xeyrat verməzsən. Bir qəpikdir sənin otuz iki dişin, Gecə-gündüz fikrin, sənətin, işin Bunun-onun malın məngirləməkdir. Bir fikir elə özün, bu nə deməkdir? Məgər sənin yoxdur həyan, abirun. Tutalım ki, yığdın oldun da Qarun, Səndən sonra görüm kimə qalacaq? Arvadını bir başqası alacaq. Dövlətinə sahib olub yeyəcək, Ruhun üçün müxəmməslər deyəcək. Hacı Artıq-uzun danışma, hərzə qoduq! Yusif Əhməd bəyin əlindən tutub kənara çəkir və deyir. Yusif Gəl, Əhməd bəy, bundan ucuz qurtulduq, Yoxsa soyacaqdı sənin dərini, Ağlar qoyacaqdı yetimlərini, Mənim də şey verməyəcək bahama, Xətadır yovuqluq bu cür adama. Çıxırlar Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-yoxsulluq-eyib-deyil İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.