Həcvlər Seyid Əzim Şirvani (1835–1888) Ey olan hadiyi-ərbabi-zələalət Hadi Ey olan hadiyi-ərbabi-zələalət Hadi, Ey Müzəllini edən həqqə hidayət Hadi, Eylədin sən ki, bu mehdiliyə adət, Hadi, Elə bəs aləmə təbliği-risalət, Hadi! Leyk peyğəmbər olan həcv eləməz ümmətini, Kişi lazımdı çəkə ümmətinin qeyrətini, Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini, Sənə bu həcv nə fərz idi, nə sünnət, Hadi! "Əhsənül-Qaidə"nin sahibi, yaxud özü bəg, Yazmış idi: nə rəva xəlq olur ağköynək? Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək, Nə üçün eylədin izhari-ədavət, Hadi?! İnşaallah saba-birgün yetişir mahi-əza, Gey kəfən, yar başını, tök yaşını, bağla qara, Səni meydanda görən kimsə desin: namxuda Eləyibdir yenə aləmdə qiyamət Hadi. Əlini tutmadı bir kimsə ki, qardaş, sənin, Can sənin, cism sənin, tiğ sənin, baş sənin, Cəm ola baxmağına sünni, qızılbaş sənin, Baxıban onlara sən eylə fəxarət, Hadi! Kim deyər ağlama sən Kərbübəla sərvərinə, Canımız cümlə fəda olsun onun Əkbərinə. Ağladı ərzü səma təşnə ölən Əsğərinə, Onu inkar edənin zatına lənət, Hadi! Leyk siz bir para bidətlər edibsiz icad, Qoymusuz adını siz təziyə, ey əhli-fəsad! Sizə bu təziyədən özgə həvəslərdi murad, Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! Bu deyilmi qərəzin başını sən çapmaqdan, Yəni ki, canımı cananə edərdim qurban, Malını bəs nə üçün eyləməyirsən ehsan, Quru baş çapmağa sən etmisən adət, Hadi! Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza, Sənə nifrin edəcək padşahi-Kərbübəla, Bədənin zəhmətinə şərdə yoxdur fitva, Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi? Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq, Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq! Bəs nə vaxtı bizə qismət olacaq göz açmaq? Əqlə gəl, tarıya bax, bəsdi bu qəflət, Hadi! Bu hədisi nə zaman zikr qılıb peyğəmbər-- Ki, olur rus diliylə oxuyan kəs kafər? Allah, allah, bu nə böhtandır, ey hiylətgər, İxtilafati-lisandır bizə nemət, Hadi! Kim ki, bir dil bilə bir nemətə ol vasildir, Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir, Leyk aləmdə hər ol kimsə ki, naqabildir, Edəcək qeyr lisanı o, məzəmmət, Hadi! Biz də müddət "Zərəbə Zeyd" kitabın oxuduq, Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq, Barı biz taifə əzzəldə yenə bir…………, Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi! Tut, Həsən bəy, bizə təlim eləyir dərsi-zəlal, Götürüb boynuna ol kafər olub vizrü vəbal, Niyə təlimə siz ətfal qılırsız irsal, Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi? Oxudur cümlə uşaqlarını xanü bəyiniz, Neməti-rus ilə pərvərdə olub cəmdəyiniz, Bilməyən rus dilini bəlkə ola tək-təkiniz, Sizdədir hamıdan artıq ona rəğbət, Hadi! Mərhəba mülki-Qarabağ əzadarları, Tarı əfzun eləsin siz təki dindarları, Seyyida, bəsdi, əgər görsə bu əşarları, Çəkəcək tutduğu kirdarə xəcalət Hadi! * * * Şamaxının təzə bəylərini həcv Niqtə gəl bülbüli-təbim ki, əcəb halətdir, Qıl təkəllüm ki, çəkim nəzmə düri-qəltani. Tazə işlər görünür sahəti-Şirvan içrə, Özgə ayinü rəvişdə görürəm dövrani. Xəlqi bidin eləyib gör necə bəylik həvəsi, Tərk edib axirəti, cümlə tutub dünyani. Cümlə biqeyrətü bihümmət olub xəlqi-cahan. Cümləsi cifə üçün badə verib iymani. Cəm olur on iki adəm ki, filani bəydir, And içirlər qoyuban ortalığa Qurani. Biri bəy olmaq üçün on ikisı kafər olur, Tutar axır olan həm qəzəbi-rəbbani. Bunların başçısı məlum çopur Əhməd bəydir, Nəsli-insanda əcəbdir görürəm şeytani. Ələ düşməz belə mərdudi-əzazilsurət, Zahir eylər bu köpək aləm-ara Mərvani. O qədər var təməi, molladan artıq həqqa, And içər ovcuna bassan bir uduş həlvani. Atası Sadiq, özü bəs nə üçün kazibdir, Bilir anası ki, hardandı munun nöqsani. Birisi Kəblə Hüseyn bəy Nəzər oğlu xudkeş, Ona Hacı Kamal oğlu ola bilməz sani. Doğrudur, Hac Kamal oğlunda da var bir belə iş, Vəli məşhur deyil aləm ara dastani. Çünki təlimini bu qardaşı Sadiqdən alıb, Hər nə iş tutsa, otağında tutar pünhani. Birisi ol Hacı Əhməddi ki, var sahibi-riş, Yaxşı eşşəkdi, vəli yoxdu onun palani. Hər zaman istəsələr şahid onun bəyliyinə, Gətirər ortalığa kövrük ilə sindani. Yəni rəhmətlik atam da mənim ahəngər idi, Kəsib eşşək nalı çox Mustafa xan dövrani. Hər uzun saqqal əgər lazımədir bəy olsun, Bəs neçün bəy eləmir Mahmud ağa Kuzmani? Barilaha, bu kvartalnini çox görmə bizə, Əhli-dərdin o kərəmpişədi çox dərmani. Hamıdan yaxşı budur Hacı Manaf da boy olub, Gör mən indi edərəm gorbagor ol uryanı. İddəası budu xanzadeyi-əslü nəsəbəm – Ki, tərəqqi eləyib hiç bəyənməz xani. Biri qardaşı Məmiş, əl çəkib ondan şeytan, Bəyliyin şövqi ilə çıxdı onun həm cani. Var imiş bəyliyinə əldə şəhadətnamə - Ki, veribdir mənə şəh xalisə ol Zəngani. Birisi Haci Kazımdır, özü çuban oğlu, Tanımaz düzmü o dörd min qoyunun çubani? Vardı bir validəsi, adı onun Kövsər idi. Əhli-Qələbazar üçün bişirərdi nani. Birisi Hacı Türab oğlu Qurutdi Məmməd, O, neçün bəydü, görək, kim bəy edibdir ani? Hansı dəvadə görək tiğ çəkib, baş kəsdi? Hansı rəzm içrə alıbdır alinə qalxani? Ay uşaqlar, mənə izhar eləyin, yoxsa budur, Fəth edən Ağqoşanı, Darğuni, Dağıstani? Bir yetim tifl idi açıq, başı keçəl, Küçələrdə dolanırdı, yox idi tumani. Nənəsi saxlar idi bir sürü Təbriz toyuğu, Döşəyi yırtıq həsir…. güvəc qazqani. Hacsəməd oğlu Qədir həm döşədir küçələri, Əliqəribdir, o da boynundan asar xaltani. Atası çün eşidib oğlunun bəy olduğunu, Qəbr içində fərəhindən piləyir zurnani. Biri lahic Hacı Qasımdı ki, dağlar ayısı, Bilmirəm bəyliyi neylir bu çölün heyvani?! İnciyibdir, belə məlum, duz əkməklikdən, Girdmanə buraxım mən bu köpək toplani. İki dibdat, müəyyən ki, olar da bəy olub, Oların vəsfi gərəkdir oluna tulani. Biri nəvvadeyi-dəllək Səfər, adı Soltan, Bəli, əlhəq odu əsli-nəsəbin soltani. Pul yeməkdən ötəri ta ki olubdur dibdat, Çevirir, axşamacan fikr qılır, çortkani. Edib ülgüc-bülövün babasının dəstaviz - Ki, mənəm fəxri-cahan, mən təki bəyzadə hani? Əcəb övlad qoyub getdi, o dəllak Səfər, …quyusuna salım mən belə başqırxani! Biri Abbas, özü xənnas, deyir mən də bəyəm, Bilmirəm kim boy edibdir bu çolaq qarğani? İstəyir bir qıç ilən gör bu da bəylik eləsin, Kül sənin başuva Şirvan, əcəb oldun fani! Mən eşitdim ki, Abbasın babası çərçi imiş, Gətirirmiş bazara satmaq üçün çolpani; Ağsu şəhrində cuhud kimi qabağında eşək, Doldurub suzənü qeytan ilə ol torbani. Min manatdan yuxarı xərc elədi həm Ağa bəy, Dedi ya çin gəli, ya xaç, ya əmim ehsani. Bəyliyə şövq eləyir həm Aşur oğlu Ağa bəy, Heç utanmır ki, atası çağırır "tehrani"* Getdi həccə atası ta oluma hacı xitab, Kim ona hacı desə, bil ki, deyir böhtani. Biz də bir neçə nəfər əzmimizi cəzm etdik, Səbt edək möhrümüzü, bəy eləyək Xancani. Bir də ol ali nəsəb, cümlə cahan içrə nəcib, Səbzəmeydani Məşo oğlunu — Ağ Qurbani. Bəy olan kimsənənin xalisəvü kəndi gərək, Bəy nədir kəsdirə karvansaralar dalani? İki kəs var ki, bəli, onlara bəylik yaraşar, Sahibi cudü səxa, rəhmü mürüvvət kani. Var bu bəylər kimi çox alinəsəblər, oların, Sidqü ixlas ilə dərgəhlərinin dərbani. Biridir Hacı Ağa bəy, biri Ağa Rza bəy, Onların yavəri olsun kərəmi-rəbbani. Seyyida, sən bu iki sərvən-alınəsəbın, Mədhü övsaflərin gün kimi qıl nurani. Aldanma, yalandır süxəni-mərsiyəxanə, Cənnətlə sizə versə bəşarət, köpək oğlu! Cənnət harada, siz hara tövlə döyü cənnət, Eşşək balası, dağ ayısı, it köpək oğlu! Çün hər bir əməl niyyətə mövquf olubdur, Siz eyləmisiz bicliyə niyyət, köpək oğlu! Səd heyf ki, Qudyaldan ağa eylədi rehlət, Qaldı sizə meydani-rəşadət, köpək oğlu! Əmir Həsən ağa edə gər dəxli-təərrüf, Olmazdı dəxi sizdə cəsarət, köpək oğlu! Bisahib olub dəşt, donuz təllə çıxıbdır, Tülkü bəy olubdur, dərə xəlvət, köpək oğlu! Tutduz bir əməl ki, elədiz milləti rüsva, Yandırdı məni nari-xəcalət, köpək oğlu! Bu fel ki, var sizdə şəhənşahi-rüsuldan, Tutmun dəxi ümmidi-şəfaət, köpək oğlu! Bir təziyəvüz var idi övladi-rəsulə, Ancaq bu idi əcri-risalət, köpək oğlu! Verdiz ona indi ki, aləmdə xələl siz, Bir gözləmədiz əcrü qərabət, köpək oğlu! Cəddim tüpürür görsə sizi ruzi-cəzadə, Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu! Bir də, bu fəsadi ki, siz etdiz, sizə eylər – Göylərdə mələklər hamı lənət, köpək oğlu! Hərçənd başın Şüınri-şəqi kəsdi İmamın, Ağladı yenə, eylədi riqqət, kopək oğlu! Siz ağlamasız, öldürüsüz yeddi imamı, Yox zərrə qədər sizdə mürüvvət, köpək oğlu! Gər daşdı desəm qəlbüvüzi səxt əcəbdir, Yox daşü dəmirdə bu qəsavət, köpək oğlu! Vardır elə daş ki, yarılıb xövfi-xudadən, Cari olub ənhari-lətafət, köpək oğlu! Vardır elə daş yumbalanıb xişyəti-həqdən, Yox qəhri-xudadən ona taqət, köpək oğlu! Quranda sizin qəlbüvüzi zikr qılıb həq, Get, eylə "əlif-lami" qiraət, köpək oğlu! Sizdəndir uzaq dəhrdə əlbəttə pəyəmbər, Nazil sizə olmuşdu bəraət, köpək oğlu! Seyyid cühəla fövcinə bu sözləri yazdı, Ta eyləyəsiz haldən ibrət, köpək oğlu! Minbəd dəxi tutmayın ol növ ilə işlər – Kim düşmən edə tənü şəmatat, köpək oğlu! Yoxsa ki, gəlir sizlər üçün həcv dəmadəm, Vermə dəxi bu Seyyidə zəhmət, köpək oğlu! * * * -Şaxsey * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-hecvler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.