Müsəddəslər Seyid Əzim Şirvani (1835–1888) Xoş ol zaman ki, yar mənə həmzəban idi, Bəzmim cəmali-yar ilə rəşki-cinan idi, Sultan idim ki, hər yana hökmüm rəvan idi, Dövlət qulam idi mənə, bəxtim cəvan idi, Cani-həzinə həmdəmü arami-can idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Xurşidgun şərablə dolmuşdu camımız, Ol mah ilə keçirdi bizim sübhü şamımız, Dövri-fələkdə hasil olurdu məramımız, Xaki-dərindən özgə yox idi məqamımız, Bülbüllərə o sahəti-qüds aşiyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Hicrin əgərçi görmüş idim mübtəlalərin, Dildən-dilə eşitmiş idim macəralərin, Bunca təsəvvür eyləməz idim bəlalərin. Can çəkiş idi möhnəti-hicran cəfalərin, Xəlvətsərayi-vəsldə dil kamran idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Könlüm o mahdən açılırdı kərəm görüb, Mehrin ziyadə, cövrü cəfasını kəm görüb. Ol gül mənə açıldığını dəmbədəm görüb, Bəzmi-visaldə özünü möhtərəm görüb, Rəşk ilə qönçə tək dili-bədxah qan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Ol gül mənimlə həmdəm idi hər bahardə, Gəh daməni-çəməndə, gəhi laləzardə, Bülbül təki işim yox idi ahü zardə, Seyyid ki, məskən etmiş idi kuyi-yardə, Ezaz ilə bir Adəmi-cənnətməkan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-museddesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.