Müstəzadlar Seyid Əzim Şirvani (1835–1888) Ey arizi əhli-nəzərə Kəbeyi-ülya Ey arizi əhli-nəzərə Kəbeyi-ülya, Kəbə sənə şeyda. Kuyündü Mina aşiqə, yox-yox, dəxi əla, Qurban sənə dünya! Nazik bədənim, mahvəşim, bu nə səfərdir, Həngami-xətərdir. Hala ki, edib mehr Əsəd bürcünü məva, Var şidəti-gərma. Gün qarşısına çıxma ki, niylufəri-tərsən, Əfsürdələnərsən. Sərçeşmeyi-çeşmimdə gərəkdir sənə sükna, Ey gözləri şəhla. Ta yetməyə nazik tənüvə tabi-hərarət, Ey mahi-məlahət. Hər ləhzə günə pərdə çəkir göydə Məsiha, Ey şahidi-rəna. Ol bərgi-səmən tək ayağın qoyma rikabə, Salma məni tabə. Qurbanın olum, payi-lətifin çəgər iyza, Ey laleyi-həmra. Nazik bədənin qərq eləmə aləti-cəngə, Əl vurma tüfəngə. Çiynində tüfəng bağı əgər zəxm edə peyda, Ölləm məni-rüsva. Xəncər nə rəvadır, gözəlim, muy miyanə, Salma məni qanə. Şaxi-qətəri çəkmə gəl ağuşuva, yara, Ey yari-dilara. Gər qeyr eləyə Beyti-xudavəndi ziyarət, Həm eyləyə ricət. Pişvazə nə lazım çıxasan, ey büti-ziyba, Vey şahidi-yəğma. Ey gül, sən özün Kəbeyi-ərbabi-səfasən, Həm nuri-xudasən. Xali-siyahindir Həcərül-əsvədə həmta, Ey mayeyi-sövda. * * * “Beytüssəfayə” Şirvanə səni eylərəm, ey namə, rəvanə, Dön abi-rəvanə. Çək şölə, tutub bəzmi-əhibbadə zəbanə, Gəldikdə zəbanə. Ol məclisə kim, ruhül-əmin almasa rüsxət, Yox girməyə fürsət. Torpağə düşüb əczlə üz qoy o məkanə, Tap anə bəhanə. Zuinin ayağından öpüb kəsbi-ziya qıl, İzhari-səna qıl. Əhvalımı çək Bixudə rəmz ilə bəyanə, Şərh eylə əfsanə. Ol vəqt ki, halım elədin Qafilə izhar, Bir gizli sözüm var; Əhbabda məhrəm odu bu sirri-nihanə, Kəşf etmişəm anə. Ol kakili-müşkinə elə ərzü səlamım, Çək əcz ilə namım. Sərbəstə deyim, yəni filan ibni-filanə, Ol cani-cahanə. Ol qaşı kəman, kiprigi ox yarımı görsən, Dildarımı görsən, Təqriblə söz aç, məni ol qaşı kəmanə Ver böylə nişanə: Kim, sən büti-Leylayə giriftar olan aşiq, Bimar olan aşiq, Məcnunə dönüb, aləm ara oldu fəsanə, Məğlubi-zəmanə. Şəmə dolanır yad edib ol arizi-alı; Parvanə misalı. İstər səni, hər ləhzə, gəzər xanəbəxanə, Ey dürri-yeganə. Ey dustlər, ol şux ilə içdikdə şərabı, Cami-meyi-nabı, Bir yadə salırsız məni-avarəni, ya nə? Qaldım yana-yanə. Siz rahət ilə ləzzət edin beyti-Səfadə, Seyyid bu bəladə. Döndü cigərim firqətinizdən dəxi qanə, Yox təndə təvanə. * * * Dünyadə cəfasız bizə bir yar tapılmaz Dünyadə cəfasız bizə bir yar tapılmaz, Dildar tapılmaz. Məşhur məsəldir; güli-bixar tapılmaz, Gülzar tapılmaz. Sünbül nəçidir kim, ola ol zülfə bərabər, Ey laleyi-əhmər, Zülfün kimi bir nafeyi-tatar tapılmaz, Bir tar tapılmaz. Qəddin kimi var bağdə çox sərvü sənubər, Şimşad ilə ər-ər, Onlarda vəli səndəki rəftar tapılmaz, Ətvar tapılmaz. Bu rənci-xumar eylədi dilxun məni, saqi, Yoxmu meyi-baqi, Camında məgər badeyi-gülnar tapılmaz, Asar tapılmaz. Biz gövhəri-pürqiyməti-gəncineyi-canıq, Bir gənci-nihanıq. Qaldıq, bizə dünyadə xəridar tapılmaz, Bazar tapılmaz. Əsrari-xudadən dilü canımdı ləbaləb, Divani-mürəttəb, Şərh etməgə bir məhrəmi-əsrar tapılmaz, Dəyyar tapılmaz. Sövdayi-qəmi-zülfdə artırdı fəğanın, Tərk eylədi canın, Seyyid kimi bir şairi-biar tapılmaz, Bikar tapılmaz. * * * “Beytüssəfayə” Ey dustlər, ol sərvi-xuraman sizin olsun, Canan sizin olsun. Seyri-güli-gülzarü gülüstan sizin olsun, Reyhan sizin olsun. Biz atəşi-hicran ilə duzəxlərə yandıq, Sövdayə boyandıq. Vəsl aləmi ol rovzeyi-rizvan sizin olsun, Qılman sizin olsun. Biz cəm ikən ol silsilədən təfriqə düşdük, Bu danə ilişdük, Sərhəlqeyi-geysuyi-pərişan sizin olsun, Saman sizin olsun. Zülfü həvəsindən bizə Şam oldu nişimən, Etdik onu məskən. Ol arizi xürşid ilə Şirvan sizin olsun, Dövran sizin olsun. Ol murxətin qaldı könül vəslinə həsrət, Yoxdur mənə fürsət. Gülzari-Səba, mülki-Süleyman sizin olsun, Fərman sizin olsun. Ey zahiri ixvani-Səfa, gürgədalər, Biəhdü vəfalər. Yəqub mən oldum, məhi-Kənan sizin olsun, Ol can sizin olsun. Seyyid təki siz olmayın əlbəttə vəfasız, Bişərmü həyasız, Can ol qaragöz dilbərimin, can sizin olsun, Canan sizin olsun. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-mustezadlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.