Müxəmməslər Seyid Əzim Şirvani (1835–1888) Qəm eyləmərəm çərx ala simu zəri məndən Qəm eyləmərəm çərx ala simu zəri məndən, Tək eyləməsin dur meyi-əhməri məndən, Can cövhəridir, almayın ol cövhəri məndən, Ey saqi, diriğ etməgilən sağəri məndən, Bir cam ilə rəf eylə bu dərdi-səri məndən. Zahid, tutalım həşr günü duzəxiyəm mən, Hardan gəlibən sən, görək, oldun belə eymən, Sən qullar ilə rəbbin ədasın nə bilirsən, Bakim nə mənim duzəxin atəşgədəsindən, Almazsa əgər lücceyi-çeşmi-təri məndən. Kimdir o ki, hiç olmaya aləmdə günahi, Var bu qapının mən kimi çox ruy-siyahi, Hərçənd ki, çox eyləmişəm feli-mənahi, Mən anladığım əfv isə, əfv eylər ilahi, Sorma günəhim qeyrdən, al dəftəri məndən. Yüz hiylə ilə məkr edib əğyari-cəfakar, Məndən o gülü eylədilər axırı bizar, İndi kimə dərdim deyim, aləmdə kimim var? Olsun görəyim, möhnəti-hicranə giriftar Rəncidə edən ol büti-məhpeykəri məndən. * * * Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir, Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir, Məni rüsvayi-aləm eyləyən ol zülfi-pürxəmdir, Verib taracə eşqin əqlimi, məşhuri-aləmdir, Dili-zarım əsiri-dərdi-eşqü möhnətü qəmdir. Məni şad eyləməz, ey gül, baharü bustan sənsiz, Həram olsun mənə, ey dilrüba, eyşi-cahan sənsiz, Məhü xurşidə baxsam bir dəm olmam şadman sənsiz, Cəhənnəm məskənim olsun, behiştə gər rəvan sənsiz, Dönər hicrinlə könlüm qanə guya kim, cəhənnəmdir. Məhi-gərdun deyil mehri-üzarın kimi rəxşəndə, Həqiqət, arizindəndir məhü xurşid şərməndə, Müəvvər arizində ol ərəqdirmi nümayəndə Və ya olmuş məh üzrə xuşeyi-Pərvin pərakəndə, Düşüb bərgi-gül üzrə yoxsa öylə iqdi-şəbnəmdir? Müsəlsəl sünbülün kim, candadır yüz piçü tab ondan, Hifazi-mahidir kim, münkəsifdir afitab ondan, Məgər azərdi hicranın, olur aşiq kəbab ondan, Visalın kimyadır kim, dil olmaz kamiyab ondan, Dəhanın qönçeyi-sirab, ləlin sirri-mübhəmdir. Mükəddərxatir olma çox da qəmdən, binəva Seyyid, Hərimi-vəsldən məhrum olan, ey mübtəla Seyyid, Mürüvvət qıl, nigarım, bunca çəksinmi bəla Seyyid, Verib yəğmayə əqlü huşunu bəxti qəra Seyyid, Dönüb Məcnunə eşqindən, cigərxun, didə pürnəmdir. * * * Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm. Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm. Qutardın şivənimdən sən, bəlayi-hicrdən mən həm, Tükəndi dərdi-eşqin, məndən oldu qət şivən həm, Həm oldum mən məlalü qüssədən asudədil, sən həm. Xəyali-nərgisi-didar ilə bimardır könlüm, Düşübdür atəşi-eşqə sərapa nardır könlüm, Qədü rüxsarın hicranilə gərçi zardır könlüm Ki, şad etməz onu nəzzareyi-şimşadü gülşən həm. Gülüstani-cəmalından düşübdür ta cüda könlüm, Çəkər hər ləhzə bülbül tək nəva, bu binəva könlüm, Durubdur öylə çün künci-qəfəsdə mübtəla könlüm Ki, etməz arizuyi-aşiyanü meyli-gülşən həm. Qılıbdır rüzgarım qarə zülfi-ənbərəfşanın, Edibdir könlümü məcruh zəxmi-tiri-müjganın, Salıbdır Seyyidi bir halə kim, əyyami-hicranın, Görüb əhvalın, ey birəhm, ağlar dustü düşmən həm. * * * Füzulini təxmis Qədəhlərdə hübab-asa könül düşmüş həvalərdən, Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən, Qutarmaz, olmayınca məst, eşq əhli bəlalərdən, “Kərəm qıl, kəsmə saqi, iltifatın binəvalərdən, Əlindən gəldigi xeyri diriğ etmə gədalardən”. Dəri-dilbərdə hasildirmi əhli-eşqin amali Və ya dəsti-fələkdən mən tək olmuş qüssə pamali, Məni, hal əhlisən, bir hal ilə qıl haldən hali, “Səba, kuyində dildarın nədir üftadələr halı, Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən”. Şikəstə kaseyi-çini misali, bir sədamız yox, Sınıq ney tək həvadən düşmüşük, bir dəm nəvamız yox, Səba, ol gül bədəndən nameyi-rahətfəzamız yox, “Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən”. Tənuri-çeşmimə gərdun qılıb tufan təlqini, Sirişki-çeşmi-xunbarımdan almış səbrü təmkini, O sərvin təlx badaminə verdim cani-şirini, “Təbiba, xaki-kuyi-yardəndir əşk təskini, Mənə artırma zəhmət, göz yaşarar tutiyalərdən”. Qəsəm piri-müğanə, parisalər peyrəvi olmam, Bu qovmi-xudfüruşü xudnümalər peyrəvi olmam, Həqiqət əhliyəm, əhli-riyalər peyrəvi olmam, “Girib məscidlərə gər müqtədalər peyrəvi olmam, Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən”. Müqimi-Kəbə Sənanın görəydi yari-tərsasın, Salardı boynuna zənciri-giysuyi-çəlipasın, Köz aç, ey bibəsər, hər yerdə gör həqqin təcəllasın, “Demə zahid ki, tərk et simbər bütlər təmaşasın. Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən”. Visali-xirmənindən etmədim bir xuşə də hasil, Visalə yetməgim düşvar, hicrə dözməgim müşkil, Nə öldüm qurtarım kim, mən nə oldum vəslinə vasil, “Fələkdir mehri zail, yar qafil, ömr müstəcil, Nədir tədbir bilməm, canə yetdim bivəfalərdən”. Qoyub hüsnün təmaşasını hərgiz meyli-mah etmən, Bu yüzdən nameyi-əmalımı hərgiz siyah etmən, Nə gündür kim, qübari-asitanən səcdəgah etmən, “Vücudum ney kimi surax-surax olsa ah etmən, Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən”. Deməm ki, lütfüvü çox, ya ki, cövrü zülmü az eylə, Açıb zülfi-siyahın Seyyidin ömrün diraz eylə, Həqiqət xahiş etsən, məşqini eşqi-məcaz eylə, “Füzuli, nazəninlər görsən izhari-niyaz eylə, Tərəhhüm umsa eyb olmaz gədalər padşalərdən”. * * * Məgər bənəfşə müəttər qılıb gülüstani Məgər bənəfşə müəttər qılıb gülüstani, Nəsim cünbüşü təprətdi şaxi-reyhani, Şəmimi-müşk tutub səfheyi-biyabani, Və ya dağıtdı səba tari-zülfi-canani – Ki, tutdu ətri sərasər təmam dünyanı. Səhabdən yüzünü afitab edib izhar, Təcəlli eylədi ya şaxi-Turdən ənvar Və ya cahanə gəlib huriyani-gülrüxsar Və ya ki zülf arasından göründü çöhreyi-yar, Firuği-tələti etdi cahanı nurani. Göründü aləmə yoxsa əlaməti-məhşər Və ya qiyaməti-üzmadən oldu yoxsa xəbər, Bəlayi-nagəh edibdir nüzul xəlqə məgər Və ya xuramə gəlib sərvi-qaməti-dilbər – Ki, iztirabə düşüb xəlq olubdur heyrani. Məgər müsəxxər olub əhli-küfrə qibleyi-din, Olubdu küfrə mübəddəl büsati-ruyi-zəmin Və ya sipahi-xəvaric olubla Kəbənişin Və ya ki qəmzeyi-dilbər çəkibdi xəncəri-kin – Ki, getdi xəlqin əlindən əsasi-iymani. Cahanda abi-bəqadən məgər göründü nişan Və ya dübarə Məsih ibn-Məryəm oldu əyan, Yetişdi hökmi-bəqa, yoxsa hökmi-biimkan Və ya açıldı təkəllüm ilə ləbi-canan, Yetirdi firqeyi-əmvatə müjdeyi-cani. Olubdu mülki-cahan qistü ədldən məmur, Dönübdü sahəti-xüldi-bərinə vadiyi-Tur, Yaxıbdı çoxları Musa kimi təcəlliyi-nur, Məgər ki, hüccəti-əsr eyləyibdi əsrə zühur, Cahanə şamil olub feyzi-zati-rəbbani. Amandı çək əlüvi, Seyyida, müəmmadən, Cahanı şübhəyə salma işarə, iymadən, Götür niqab rüxi-şahidi-dilaradən, Göründü nuri-bəha kuhi-Turi-Sinadən, Cahanə etdi təcəlla cəmali-sübhani. * * * Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə, Günün oldisə gər hicran əlindən qarə, səbr eylə, Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə, Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə, Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə. Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri, Tökübdür çoxların qanın bu yolda eşq şəmşiri, İtirmə kəsrəti-qəmdən, əzizim, rahi-tədbiri, Məhəbbət pak olursa, çox olur əlbəttə təsiri, Edər ahın əsər ol dilbəri-xunxarə, səbr eylə. Oxurdum məktəbi-üşşaqdə təsnifi-Loğmanı – Ki, gördüm səbt olub hər müşkülə bir növ samanı, Bu qədri çəkmə hicri-yar əlindən ahü əfqanı, O hansı dərddir kim, olmasın aləmdə dərmanı, Yazılmış dəhrdə hər dərd üçün bir çarə, səbr eylə. Vuran Mənsurluq lafın qəmi-darından incinməz, Özün pərvanə tək şəmə vuran narından incinməz. O şirin ləlin, aşiq, təlx göftarından incinməz. Gülüstani-cahanda gül sevən, xarından incinməz, Əgər yar istəyirsən, təneyi-əğyarə səbr eylə. Nə qəm, olsa sənə, ey dust, düşmən cümleyi-aləm – Ki, mülki-hüsn içində, tacidarım, şahsən sən həm, Çəkib müjgan sipahı eylə yeksər aləmi bərhəm, Və lakin zəxmi-tiri-yarə hərgiz istəmə mərhəm, Yetə gər sinən üzrə yarə üstən yarə, səbr eylə. Əgərçi xurdü xabı eşq üşşaqə həram eylər, Xəyali-zülfü rüxsarı günün möhnətlə şam eylər, Nə Əflatun bu dərdin çarəsin, nə Cəm, nə cam eylər, Olur ki, vəsli-dilbər bir gün, ey məh, iltiyam elyər, Əgər Seyyid kimi könlün ola sədparə, səbr eylə. * * * Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar, Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar, Nədir ol xüşk olan çubdə bu nalöyi-zar– Ki, sədasından onun qarət olur səbrü qərar, Açma sən pərdəni, hər pərdədə var yüz əsrar. Qoymaz ol tarı müğənni niyə ağuşindən, Düşməz ol xanəbərəndazlərin duşindən, Huş ilə guş edə hər kimsə, gedər huşindən, Pənbeyi-qəfləti çək sən dəxi can guşindən, Ta ki, əsrari-nihanə olasan bərxurdar. Ləhni-Davudi ilə könlüvü qıl xürrəm sən, Ərş baminə, gözüm, nəğməni tut sülləm sən. Olma qal əhli, qıl əmdən özüvi əbkəm sən, Kəsb elə elmü ədəb feyzin əgər adəmsən, Fəhm qıl, gör ki, nədir musiqiyü müsiqar. Tut bərabər dəmi-İsayə müğənni dəmini, Qılıb ehya özüvi, seyr elə ruh aləmini. Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini, Çəkmə, aqilsən əgər, dəhri-müxalif qəmini, Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə həsar. Musiqi məclisinin əhli gərək əhli-bəsər, Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər, Kim ki zövq əhli-degil, ani hesab eylə həcər, Ləhni-Davud eləməz növi-cəmadatə əsər, Məni ərbabı edər guş süxən, ey huşyar. Fəhm qıl, gör ki, nədir çənkü dəfü bərbətü ud, Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud, Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud, Ud hər ləhzə gəlib şurə deyər: ya məbud, Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar. Zahida, tarıya bax, məclisi-ürfandır bu, Tarı əsbabi-mənahi demə, böhtandır bu, Meyi gör, saqiyə bax, Kövsərü qilmandır bu, Cümləsi pərtövi-rüxsareyi-sübhandır bu, Meydə həq nurunu gör, səhvinə qıl istiğfar. Ey könül, məhrəmi-raz eyləmə biganələri, Vermə naəhl əlinə bu dolu peymanələri, Çək rümuzat ilə zülfi-süxənə şanələri, Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələri Eyləsin məclisi-şəhvari-Kərim bəgdə nisar. * * * Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var, Gülbədən, qönçədəhən, sadəvü məhruləri var, Bu Xəta mulküdü, həryanda çox ahuləri var, Yüz ləbi şəhdü-fəkər, zülfi səmənbuləri var, Yüz qədi sərvi-səhi, gözləri caduləri var. Hər nə bu şəhrdə kim var isə çox məhrulər, Hər biri bir kəsə bir növ ilə dilculuq edər, Hər zaman aşiqə yüz lütf ilə meyl eylərlər Bu mələkruyü mələkxuyü mələksimalər, Yaxşı xasiyyəti, çox yaxşı gözəl xuləri var. Xameyi-sün verib gör necə rövnəq bulara, Yaraşır şiveyi-məhbubluq ancaq bulara, Dəstrəs əhli-Şamaxı olub əlhəq bulara, Belə nemətləri kim, qismət edib həq bulara, Bilmirəm mən buların daxı nə qayğuləri var. Bunların cümləsinin şiveyi-rəftarı gözəl, Xülqü xoş, xuyi pəsəndidə, hər ətvarı gözəl, Çeşmi-xummarı gözəl, türreyi-tərrarı gözəl, Güli-rüxsarı gözəl, ləli-şəkərbarı gözəl, Hamısından bu gözəl kim, yumuşaq suləri var. Çoxdu bu şəhrdə gərçi sənəmi-laləüzar, Buların leyk, bir ayinəbədən sərvəri var, Ədədi-ismidir əbcədlə “sədü bistü çəhar”. Müjəsi navəki-dilduzdü, çeşmi xunxar, Həbbəza, yayi-müqəvvəs kimi əbruləri var. Ah, kim, Seyyid onun eşqi ilə zar oldu, Dami-geysusuna pabəndü giriftar oldu, O Əyaz idi ki, Məhmudə gedib yar oldu, Genə bu dürri-yətimə o xəridar oldu – Kim, onun həm belə yüz Yusifi-xoşxuləri var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.