Növhələr Seyid Əzim Şirvani (1835–1888) Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz, Tabutü hənutum götürüb dəfn edən olmaz. Qəssalimə mən ölsəm əgər kim xəbər eylər? Quran kim oxur, qəbrimin üstə güzər eylər? Axır ki, yetiməm, mənə bu, çox əsər eylər, Qardaşım ölüb, başımın üstün kəsən olmaz. Bu Şamda heç mən kimi bir ac yatan var? Xak üstə qaranlıqda quru yerdə qalan var? Sən Şümrə de açsın qolumu, məndə nə can var? Hər növ əsir olsa, qolunda rəsən olmaz. Bundan sonra hər qədr ki, dünyadəyəm, əmmə, Hicrin oduna yanmağa amadəyəm, əmmə, Hərçənd yetiməm, yenə şahzadəyəm, əmmə, Şahzadə balasına xərabə vətən olmaz. Bu Şümr qoyanda məni qardaşıma həsrət, Röyada dəxi olmamışam ləhzeyi rahət. Kül başıma olsun, mənə dünyadə nə ləzzət, Qardaş deyən vəqtdə bir can deyən olmaz. Zülm ilə edən vaxtda bizi məclisə azim, Bağlandı qolum, olmadı bir Əkbərə nazim. Zəncir məni-bikəsə, qardaş nə lazım? Hicrində mənimtək belə zillətçəkən olmaz. Gördü bu gözüm Əkbəri bihayilü pərdə, Kəsdilə başın, saldıla cismin quru yerdə. Cəllad soyan vaxtda deyirdi ki, bəşərdə Mən görməmişəm, bir belə siminbədən olmaz. Gördüm ki, nə növilə Yezidi-səği-məlun, Etdi babamın ləli-ləbin çub ilə pürxun. Döndərdi, mənim göz yaşımı eylədi Ceyhun, Urduqca deyirdi belə şəkkərşikən olmaz. Çün gördü mühasini olub qanına qəltan, Öz cahi-cəlalını qılıb xalqa nümayan, Tən ilə deyirdi ki, oyan, şahi-şəhidan, Bu rəngdə billah, əqiqi-Yəmən olmaz. Hərçənd daşıb, Seyyidi-biçarə, günahın, Təsir eləyib cümlə hamı xəlq üçün ahın, Xof eyləmə, məhşər günü axırda pənahın Bir kimsənə qeyr əz şəhi-gülgünkəfən olmaz. * * * Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür, Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür. Ey süpehri-şərəf üzrə məhi-tabanım oğul, Zülməti-hicrivə qoydun məni cananım oğul, Ey xəti Xızr, ləbi çeşmeyi-heyvanım oğul, Ləbi-ləlində sənin nitqi-Məsiha görünür. Ey oğul, qaldı qara günlərə biçarə ərus, Gülü əldən gedibən, yalvaracaq xarə ərus, Al duvağın götürüb, başə salıb qarə ərus, Bülbülün solsa gülü, başəna sevda görünür. Kakilin həbli-mətinimdi, üzün ayeyi-nur, Qaf məsturi-cəbinimdi, kitabi məstur. Şəşəati-ruxi-pakin eləyib dəhrə zühur, Kərbəla Tura dönüb, nuri-təcəlla görünür. Oxşayırsan, ey oğul, gərçi məhi-ənvərə sən, Al ələ tiği-hilalın, ur özün ləşkərə sən, Çün gərək canını qurban verəsən Əkbərə sən, Əkbərin qətlinə bu qövm mühəyya görünür. Sənə qurban olum, ey novgüli-gülzari-Həsən, Səni qurban verirəm şövqlə ol sərvərə mən. Leyli öz Əkbərinin gərdəninə saldı kəfən, Çeşminə indi nə dünyavü nə üqba görünür. Cəddimə verdi xəbər həq, Zəkəriyya xəbərim, Teşt içində kəsilən başı o Yəhya xəbərin. Bil bu ayatıt, oğul, rəmz ilə ima xəbərin, Zahiri təşnə Hüseyn, batini Yəhya görünür. "Kafiha"da var, oğul, bir neçə məxfi məna, "Kafi'dir Kərbübəla,"ha"yı həlaki-şühəda, "Ya" yəqin eşqdi bu təşnələbi-Kərbübəla, "Sat"i səbr olmasa, ey təşnə, nə məna görünür? Seyyida, riştəyə çəkdin yenə yüz dürri-Ədən, Sənə məhşərdə şəfaət eləsin ibn Həsən. Mərhəbalar sənə, ey şairi-ecazsüxən, Səndə feyzi-nəzəri-həzrəti-mövla görünür. * * * Şadəm ki, İlahi, tökülə qanı Hüseynin Şadəm ki, İlahi, tökülə qanı Hüseynin, Ta razı ola eşqdə cananı Hüseynin. Ey Xızr, yanıb möhnətimə çeşmini tər qıl, Bu Kərbübəla dəştinə bir ləhzə güzər qıl, Ey Nuh, bu əhvala edib növhə nəzər qıl, Gör mövcə gəlib qan ilə tufanı Hüseynin. Şadəm ki, Əli Əkbər olub qanına qəltan Məcruh eləyib hülqi-Əli Əsğəri peykan, Qasim toyunu yas elədi leşkəri-üdvan, Şadəm ki, pozuldu sərü samanı Hüseynin. Doğrandı bu gün Övni-Əli, Fəzl ilə Cəfər, Qəltan olub al qanına Abbasi-dilavər, Qasim boyanıb qanına, həm Əkbərü Əsğər, Məqbul ola, ey dost, bu qurbanı Hüseynin. Gərçi tutulub iki gözüm qan ilə şadəm, Cismim ki, dolub navəki-peykan ilə şadəm, Qalsam neçə gün pekəri-üryan ilə şadəm, Qurban sənə olsun təni-üryanı Hüseynin. Əhd etmiş idim rahi-məhəbbətdə verəm sər, Ətşam başımı zibh eləyə Şimri-sitəmkər, Bu teşnə Hüseynin başı, bu Şimr, bu xəncər, İndi nədi, Ya Rəb, dəxi fərmanı Hüseynin. Fazil gətirib rəsmi əzani bu diyarə, Çünki bu müsibətdə dəyib qəlbinə yarə, Məşhərdə, Xudaya, kərəm et Seyyidi-zarə, Sidq ilə olub çünki əzaxanı Hüseynin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-novheler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.