Qəzəllər Seyid Əzim Şirvani (1835–1888) Gecə gördüm səni, ey afəti-dövran, yuxuda Gecə gördüm səni, ey afəti-dövran, yuxuda – Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda. Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım, Etibar olmaz əgərçi görələr qan yuxuda. Zahirən abi-bəqayə yetəcək xəstə könül Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda. Nola ləlin görübən zövq ilə xəndan olsam, Rəsmdir şad olu hər kim ola giryan yuxuda. Var ümidim ola cəmiyyəti-vəslin məqdur Ki, qara zülfüvi göz gördü pərişan yuxuda. Gecə gördükdə səfayi-rüxün, ey kəbeyi-hüsn. Kaş olaydım, dolanıb başuva, qurban yuxuda. Seyyidi-zar görüb vəslüvi bidar olmuş, Bir gədadır ki, görüb özünü sultan yuxuda. * * * Olmasaydı qəmi-eşqin dili-viranımda Olmasaydı qəmi-eşqin dili-viranımda, Saxlamazdım onu bu izzət ilə yanımda. O qara xalı mənə versələr qanın içərəm, Nə üçün mənzil edib arizi-cananımda. Tutanı müshəfi-rüxsarüvi ol kafər xət, Görünür gör nə xələllər mənim iymanımda. Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb, Bu nə rəftardır ol sərvi-xuramanımda? Düşəni xublərin könlümə fikri, Seyyid, Əlli Yusif tapılır külbeyi-əhzanımda. * * * Xoşa ol aşiqə kim məclisində yarı ola Xoşa ol aşiqə kim məclisində yarı ola, Visali-yardə fərxəndə ruzigarı ola. Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey, Nə kəsri məclisi-meydən, nə intizarı ola. Şərabə olmasa da gərçi nəqd simü zəri, Şərabxanədə bari bir etibarı ola. Bu gunə qoymaz idim, zülfüvə əsir olsun, Əgər əlimdə dili-zarın ixtiyarı ola. İlahi, bülbülə olsun həmişə gül həmdəm! Müdam o xəstədilin gülşəni, baharı ola. Mənim tək olmaya məhrum gülüzarından, Nə qüssədən ürəgi qan, nə xar xarı ola. Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül, Yanında sən kimi bir yari-gülüzarı ola. * * * Can nə lazımdır, əgər mənzuri-canan olmasa Can nə lazımdır, əgər mənzuri-canan olmasa, Bəsdi cananın xəyalı, qəm degil, can olmasa. Nəfsi-əmmarə edər tərğib xəlqi zillətə, Meyli-üsyan etməz idi kimsə şeytan olmasa. Ey könül, daim elə şeytani-insidən həzər, Küfrdə Fironi gör, qalmazdı Haman olmasa. Məcməi-əhli-dil olmazdı pərişan dəhrdə, Gər səbadən türreyi-tarın pərişan olmasa. Sureyi-Vəlleyl zülfündür, yüzün Vəşşəmsdir, Qəm degil aləmdə bundan qeyri quran olmasa. Seyyida, iyman gətir rüxsari-yarə, bil yəqin, Hər əməl etsən qəbul olmaz gər iyman olmasa. * * * Güzərin düşsə dəri-dilbərə, ey badi-səba Güzərin düşsə dəri-dilbərə, ey badi-səba, Yetir ərzim o güli-əhmərə, ey badi-səba! Güli-cəfər kimi rəngim saralıb firqətdən, De bu halı o güli-cəfərə, ey badi səba! Təlxkam olduğumu zəhri-qəmi-hicrindən, Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba! Tabdən saldı kətan tək bu dili-bitabı, Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?! Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim, Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba! Bu qara gün ki, mənim başıma hicrində gəlib, Həq nəsib eyləməsin kafərə, ey badi-səba! Lalə tək daği-dili-sineyi-suzanımı gör, Ver xəbər sünbülü susənbərə, ey badi-səba! Bu Məhəmməd elədi Seyyidi-biyarı həlak, Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba! * * * İkram edər o gül mənə əğyar yanında İkram edər o gül mənə əğyar yanında, Ta etsin özün sevgili hər xar yanında. Məqsud bu kim, mən olam azürdə, rəqibi Əgləşdirə ol yari-dilazar, yanında. Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux, Güldü, dedi: gül daim olur xar yanında. Şadəm ki, gözün fikridi peyvəstə könüldə, Xoşdur ki, təbibi ola bimar yanında. Hər xar nə versin ərəqi-ruyüvə qiymət Kim, qədri gülabın olur əttar yanında. Haşa ki, güli-tər ola rüxsarüvə nisbət, Gül xarə dönər ol rüxi-gülnar yanında. Gər ol sənəmin zülfi qəmindən ölə Seyyid, Dəfn eylədin ol sahibi-zünnar yanında. * * * Gül qönçəlikdə gərçi olur xarə aşina Gül qönçəlikdə gərçi olur xarə aşina, Açsa niqabını olur əğyarə aşina. Biganələrlə çünki olur aşina, könül, Kaş olmayaydım ol güli-bixarə aşina. Guya başında bir güli-alın həvası var, Bülbül səbəbsiz olmadı gülzarə aşina. Tökdü, dağıtdı arizə zülfi-siyahını, Etdi zəmanədə günümü qarə aşina. Gördüm rəqibə mail olan iltifatını, Sandım rəqib kim, olacaq yarə aşina. Cənnət həramım olsun əgər şəkvə eyləsəm, Öz xahişimlə yaxsa məni narə aşina. Lakin rəqib pəndin alıb, Seyyida, mənim Etdi dili-həzinimi sədparə aşina. * * * Nə qədər gər ola bu çərxi-cəfacudə bəla Nə qədər gər ola bu çərxi-cəfacudə bəla, Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla. Nə bəlalər gətirir başıma çeşmin, ya rəb, Nə qədər var imiş ol nərgisi-cadudə bəla. Xətü xalü səri-zülfündən olub qan könlüm, Kim görübdür bu qədər ləşkəri-hindudə bəla. Mərdümi-didələrim rəncədi əşk içrə müdam, Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla. Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, var Çini-zülfündə xəta, ol xəmi-əbrudə bəla. Tapacaqdır məni hər yerdə kim, olsam guya, Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla. Görməmək yarı bəla, görməgi qeyr ilə bəla, Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla! * * * Vermənəm könlümü bir dilbərə bundan sonra Vermənəm könlümü bir dilbərə bundan sonra, Olmanam aşiq o siminbərə bundan sonra. Aldı iymanımı əldən, məni bidin elədi, Aşina olmanam ol kafərə bundan sonra. Oxşayır mahi-fələk çünki üzari-yarə, Baxmanam mən bu məhi-ənvərə bundan sonra. Badənin ləli-ləbi-dilbərə çün nisbəti var, Tökmənəm badəni mən sağərə bundan sonra. Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm, Kimsə rəğbət eləməz ənbərə bundan sonra. Dəxi ol sərvqədin kuyinə cənnət deyibən Gəzmənəm küçələri heyvərə bundan sonra. Etmənəm zülfüvün ovsafını, şair deməsin O pəri Seyyidi-qəmpərvərə bundan sonra. * * * Görəsən kim nə imiş hörməti-səhbayə səbəb Görəsən kim nə imiş hörməti-səhbayə səbəb Ki, həram etdi bu can cövhərini Şahi-Ərəb. Məstlikdir səbəbi-hürməti gər səhbanın, Qeyri-səhba dəxi bu məstligə çoxdu səbəb. Var ümidim ki, nəsibi ola abi-kövsər, Rəznişanlıqda ki, dehqan bu qədər çəkdi təəb. Meyvəsi oxşamasaydı ləbinə dildarın, Bağban əkməz idi bağdə bir nəxli-rütəb. Ürəgim qan, sirişkim meyi-gülgunə dönər, Ləbi-innabinə hərdəm ki, dəgə mai-ənəb. Udü səndəl nə gərək, nəkhəti-zülfün xoşdur, Gülrüxüm mən degiləm dəhrdə həmmali-hətəb. Seyyida, qoymaz idi şaxi-gül üstə qədəmin, Bülbüli-məstdə olsaydı əgər rəsmi-ədəb. * * * Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb, Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb? Vaiza, meykəşlərə daim qəzəbdir adətin, Qorx o gündən kim, sənə piri-müğan eylər qəzəb. Eşqdə bidərdlər eylər təəccüb halıma, Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb. Gözlərin, ey səngdil, sındırdı könlüm şişəsin, Məstlər bəzmində olmazmış müraati-ədəb. Dəhr ara bir gül yetirdim, dərdi gülçin aqibət, Kamə yetdi bitəəb-əğyar, mən çəkdim təəb. Gahü gər dil istəyir busə üzündən, vəchi var, Öz fəqirindir ki, quti-layəmut eylər tələb. Mütriba, ləhni-hicaz ilə sürudun saz qıl, Ta Məhəmməd eşqinə Seyyid bu şəb etsin tərəb. * * * Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb! Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb! Görüb rüxsarını təslim edim bu canımı, ya rəb! Görüb rüxsarını nəzr etmişəm kim, can edim qurban, Yetir yarı, qəbul eylə mənim qurbanımı, ya rəb! Təni-zarımdan al ya, ey xuda, bu cani-naşadı, Mübəddəl qıl visali-yarə ya hicranımı, ya rəb! Tənuri-pirəzəndən bədtər oldu çəşmi-xunpaşım, Cahan qərq oldu, sakit eylə bu tufanımı, ya rəb! Tökəydi qanımı, azad olaydım dərdi-hicrandan, Gətir bir rəhmə ol bidadgər sultanımı, ya rəb! Ümidim var kim, görsə fəğanım rəhm edə dilbər, Yetir ol mahi-bimehrə mənim əfğanımı, ya rəb! Tutub xət ruyin, oldu fitneyi-dövri-qəmər peyda, Xətadən hifz qıl bu Seyyidi-nalanımı, ya rəb! * * * Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb, Qönçələr qan oldular ləli-dürəfşanın görüb. Yusifə zindan təmənna oldu mehrindən sənin, Aləmi-zərratdə çahi-zənəxdanın görüb. Bağban hər gündə bir sərvin qopardır bağdən, Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb. Guylər tək əşki-gülgunum olur hər yan rəvan, Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb. Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb. Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi, Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb. Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən Seyyidi-xunincigər çaki-giribanın görüb. * * * Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib, Alıbdı səbrü qərarimi aşikarə, gedib. Gedib şikarə bu gün ol qəzali-mişkinmu, Aparmayıb itini bilmirəm nə karə gedib. Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay, Bu gün o mah ki, bu şəhrdən kənarə gedib. O şəh fərağı mənə rüx veribdi mat oldum, Vəziri-əql düşüb dərdə, ol səvarə gedib. Bu gün mənim gözümə afitab tar gəlir, O zülfi qarə günümü edibdi qarə, gedib. Gedib o qaşı kaman qeyrilə şikarə bu gün, Xədəngi-hicri vurub xatirimə yarə, gedib. Olubdu qaib o mahın behişt rüxsarı, Salıbdı Seyyidini aşikarə narə, gedib. * * * Bu naməni ki, yari-dilaram göndərib Bu naməni ki, yari-dilaram göndərib, Canə sürur, könlümə aram göndərib. Kafurə sehr ilə eləyib müşkdən rəqəm, Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib. Bu namə ilə canə verib sərfərazlıq, Nakamü zar könlümə bir kam göndərib. Öz aşiqi-şikəstədilü biqərarına, Ol namə ilə bir neçə peyğam göndərib. Bilmiş günüm fəraqı ilə qarə olduğun, Dərdü qəmü fəraqə sərəncam göndərib. Etmiş visalə Seyyidi-zarın ümidvar, Öz mübtəlası könlünə aram göndərib. * * * Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb, Qülğülə, hüsnü onun, aləmi-imkanə salıb. Qızarıb arizi-ali güli-tər tək meydən, Açıban ruyini eşq əhlini yüz qanə salıb. Kimdi bu arizi xurşidi-dirəxşan ki, bu gün Xunlər ləli-ləbi kuhi-Bədəxşanə salıb. Bu əzizə neçə Yusiflər olub zarü əsir, Hansının könlünü ol çahi-zənəxdanə salıb? Dövri-ruyini tutub ləşkəri-xətti-siyəhi, Mürlər rəxnə, məgər, mülki-Süleymanə salıb! Buna Mahmud deyim, bilməyirəm ya ki, Əyaz Cəzbeyi-eşqini bu xatiri-sultanə salıb. Görməmiş Seyyidi-sərgəştə o şəmi-hüsnü, Bu əcəbdir ki, özün atəşi-suzanə salıb. * * * Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib, Ləbini mürdeyi-sədsalə görüb canə gəlib. Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə, Salmağa tazədən ol müğbəçə samanə gəlib. Meydə yox ləli-ləbində olan asari-səfa, Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib. Vərəqi-arizi-alın görüb ol lalə rüxün, Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib. Demərəm adını mən, bax səri-hər beytə bu gün, Bilisən Seyyid özün kimdi ki, Şirvanə gəlib. * * * Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut. Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut. Tutma əldə zahidin təsbihini, peymanə tut. Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut. Xublər zülfində görsən bu pərişan könlümü, Boynu bağlanmış onu, zəncirə bir divanə tut. Ol məhi-namehriban istər ki, zülfün darasın, Sən götür ayinə ey gün, ey qəmər, sən şanə tut. Can verib cananə, yan şəmi-rüxündən dilbərin, Gər kəmal istərsən ey dil, şiveyi-pərvanə tut. Xublər eşqində gör imdi mənim rüsvalığım, Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut. Girmə sən məscidlərə namərd zahidlər kimi, Seyyida, meyxanədə peymanəni mərdanə tut. * * * Könül olubdu fərağında biqərar, ey dust Könül olubdu fərağında biqərar, ey dust, Neçin məni elədin zarü dilfikar, ey dust! Ümid əlim üzülüb daməni-visalından, Sənə bu növ degildim ümidvar, ey dust! Binayi-taqətimi seyli-ğəm xərab etdi, Bu qədr gözlərimi etmə əşkbar, ey dust! Visaldə neçə gün xoş keçirdi əyyamım, Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust! Nə sən fəraqə səbəb olmusan, nə mən bais, Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust! Səni vəfalı bilib eşqinə könül verdim, Pəriliqalərə olmazmış etibar, ey dust! Olar nə lütf idi, ey gülüzar, bu nə cəfa, Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust! Səni qəsəm verirəm ol kərimi-zişənə, Bəyan qıl mənə könlündə hər nə var, ey dust! Fəda olum sənə, Seyyid sənin qulamındır, Bu qədr zillətə etmə onu düçar, ey dust! * * * Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et, Ol kuydə can nəqdini cananə nisar et. Mahi-rüxi-canan xət ilə oldu siyəhgun, Gün keçdi, könül, gəl dəxi fikri-şəbi-tar et. Peymanəni sındırmaya ta səngi-həvadis, Mey şişələrin dövrənə, ey dust, həsar et. Cəhd et olasan vəsvəseyi-əqldən azad, Məcnun kimi seyr etməgə səhrayə güzar et. Məsciddə həsiri eləmə aləti-təzvir, Mərdanə qədəh tut, bu riyadən dəxi ar et. Mənzurun əgər aləm ara kəsbi-ziyadır, Bir mahrüxün tut ətəgin, busi-kənar et. Ey Seyyid, əgər həşt-behişt isə muradın Aləmdə, yeri, peyrəviyi-həştü çəhar et. * * * Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst, Kimdir ol kəs ki, bilə məniyi-Quranı dürüst. Sünbüli-zülfün o gül etsə şikəstə üzünə, Qalmaz əhli-vərəin din ilə iymanı dürüst. Bülbül övsafi-rüxün qıldı məgər gülşəndə, Qalmadı bağdə bir qönçə giribanı dürüst. Qönçənin könlü bütün, leyk yox əhdində vəfa, Bülbülün qəlbi sınıq, etdigi əlhanı dürüst. Dura bilməz üzüvə mah müqabil bir gün, Ayda yüz dəfə əgər kim, ola nöqsanı dürüst. Bir gecə hüsnüvə oxşatdı özün Ay, odu kim, Elə bir yanı şikəstə olu, bir yanı dürüst. Demə, Seyyid, ki şikəst eylədi peymanını yar, Hiç bir yar olurmu ola peymanı dürüst?! * * * Yar eyləsə üşşaqi-diləfkarə ədavət Yar eyləsə üşşaqi-diləfkarə ədavət, Mümkün degil aşiq eləsin yarə ədavət. Gər qanımı içsə mənim ol dilbəri-xunxar, Mən kafir olum, etsəm o xunxarə ədavət. Xar etmə məni hicrin ilə, ey güli-bixar, Gülşəndə hacan gül eləyib xarə ədavət?! Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə, Səlman eləməz Əhmədi-Muxtarə ədavət. Bir kərrə ədavət eləsəm mən sənə, ey gül, Yüz kərrə edim Heydəri-Kərrarə ədavət. Bülbül gülə eylər gilə, ey novgüli-rəna, Hərgiz eləməz gülşənü gülzarə ədavət. Yandırdı gecə şəmi-şəbistan pərü balın, Pərvanə haçan etmiş idi narə ədavət? Könlümə dolub mehrin, ədavət yeri yoxdur, Tək sən eləmə Seyyidi-biyarə ədavət. * * * Əğyarı ki, gördüm eləyir yarə məhəbbət Əğyarı ki, gördüm eləyir yarə məhəbbət, Minbəd gərək mən edim əğyarə məhəbbət. Gər yar üçün əğyarı tutum dust, nə eybi, Gül xatirinə eyləmişəm xarə məhəbbət. Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdən Daim qılıram rişteyi-zünnarə məhəbbət. Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi, Adətdi ki, pərvanə edər narə məhəbbət. Qurbandı dilü can səgi-kuyinə o mahın, Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət. Xət gəldi ruxi-yarə, füzun oldu məlalım, Axır günümü eylədi gör qarə, məhəbbət. Seyyid, o siyəh zülf mənim oldu tənabım, Mənsur kimi çəkdi məni darə məhəbbət. * * * Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət, Verəcək qalibi-biruhumuza can xəlvət. Mərdümi-didə xəyal ilə həmağuş olmuş, Sanki Bülqeysə edib sərh Süleyman xəlvət. Sinəmin dağlərin mən necə pinhan qılım, Olumu, padşəhim, hiç çırağan xəlvət. Xət gəlibmiş demə rüxsarına ol sim-tənin, Gətiribmiş, nə bilim, kafəri iyman xəlvət? Vadiyi-vəhdətə gəl, ey dili-divanə, dəxi Ola bilməz bu sifət hiç biyaban xəlvət. Çıxdı pirahəni-çakilə gülüstandan gül, San, Züleyxa ilə etmiş məhi-Kənan xəlvət. Gah peyğami-cəfa, gah bəlayi-hicran, Seyyidə yar qılır gündə bir ehsan xəlvət. * * * Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et, Tamaşayi-rüxi-yar ilə seyri-kuyi-canan et. Nə olmuşsan giriftari-qəfəs, ey tayiri-qüdsi, Çıxıb bu damdən pərvaz qıl, seyri-gülüstan et. Təəllüq aləmindən əl götür, təcrid qıl hasil, Məsiha tək məqamın xaneyi-xurşidi-rəxşan et. Könül ver bir nigarə, fariq ol dünyavü üqbadən, Pərişanlıq binasın eylə viran, fikri-saman et. Əgərçi çoxdu Şirvan içrə ziba şuxlər, Seyyid, Vəli sən canuvi şövq ilə İsmailə qurban et. * * * Eylədi vəsf könül arizi-cananı qələt Eylədi vəsf könül arizi-cananı qələt, Oxudu tifl bu məktəbdə “Gülüstan”ı qələt. Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin, Etdi hər fəsldə dil seyr bu bustanı qələt. Səfheyi-arizinə katibi-qüdrət o gülün, Biməqam etdi rəqəm ol xəti-reyhanı qələt. Sandılar kim düri-dəndanına həmtay olur, Saldılar məğlətəyə gövhəri-qəltanı qələt. Bağdə açdı yüzündən o güli-tazə niqab, Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt. Qaşların “nuni-qələm”, zülfünü “Vəlleyl” dedim, Dedilər kim, oxudun ayeyi-quranı qələt. “Qab-qovseyn” oxudum əbruyi-yarı, Seyyid, Vay o gündən ki, müfəssir verə mənanı qələt. * * * Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət, Ruzgarım eylədi ol zülflər tək qarə xət. Atəşin rüxsarə xəttin gəldi könlüm almağa, Rəsmdir əhli-əzaim kim, salırlar narə xət. Gülsitani-kuyi-dilbər vəsfinin inşasına, Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət. Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr, Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət. Əşki-gülgundur midadım, xameyi-müjgan ilə Yazdım, ey gül, şami-hicrində dərü divarə xət. Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgər Hüsn sultanı yazıbdır qətl üçün sərdarə xət. Qarə olsun ruzigarı xətti-yarın mən kimi, Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət. * * * Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt, Ləli-nabın çeşmeyi-heyvan güman eylər, qələt. Hansı gündən vaqifi-əsrari-qeyb oldu həkim, Gər dəhanın nöqteyi-pinhan güman eylər, qələt. Handa görmüş, ya eşitmiş bağbani-ruzigar, Kakilin gər sünbülü reyhan güman eylər, qələt. Yusifi bir zərrə hüsnün qıldı məşhuri-cahan, El səni gər Yusifi-Kənan güman eylər, qələt. Hər mərəzdə var təbibin şöhrəti, amma əgər Dərdi-eşqi qabili-dərman güman eylər, qələt. Talibi-dünya olan dünyadə qalmaz müttəsil, Aləmi gər mülki-cavidan güman eylər, qələt. Hiç söz yox şeyxi-şəhrin qüvveyi-təşxisinə, Seyyidi gər qabili-ürfan güman eylər, qələt. * * * Münqəlib oldu həvadislə məni-zarə mizac Münqəlib oldu həvadislə məni-zarə mizac, Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac! Rövşən et xanəmizi bir gecə təşrifinlə, Ey cəmalı fələki-hüsnə siraci-vəhhac. Abi-Kövsər ləbi-şirininə nisbət, guya Biridir əzbi-Fəratü biridir milhi-Ücac. Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin? Etməsin tarı sənə kafəri, ya rəb, möhtac! Şəm pərvanəni yandırmaz idi, amma sən Yandırıb aşiqi, etdin bunu aləmdə rəvac. Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün, Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac. Daneyi-gəndümi-xalinə təmə eyləmə kim, Seyyida, cənnəti-kuyindən edərlər ixrac. * * * Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç, Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç. Gözüm yaşından, ey sərvi-rəvan, rəncidə olmuşsan, Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç. Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir, Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç. Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan, Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadən keç. Həsiri aləti-təzvir edib əgləşmə məsciddə, Gəl, allahı sevərsən, zahida, son bu riyadən keç. Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil, Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç. Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət, Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç. * * * Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh, Ətrindən olmasa güli-rənadə, yox fərəh. Eylə mərizi-eşqə ləbin çarə, ey həkim, Məcuni-ləli-nabi-müsəffadə yox fərəh! Derlərdi zəfəranı müfərreh, nədəndi bəs, Rəngim saraldı, yarə bu mənadə yox fərəh! Busə nə qədr çox ola xoş, laəqəl iki, Məşhurdur ki, buseyi-tənhadə yox fərəh. Meydən murad buseyi-sağərdir, ey könül, Məşrutu olmayan meyi-səhbadə yox fərəh. Meracın ilə oldu fərəhnak ərşiyan, Sənsiz, həbibim, ərşi-müəlladə yox fərəh. Nadan tapar həmişə fərəh vəsli-yardən, Seyyid, cahanda xatiri-danadə yox fərəh. * * * Dedilər xəlq ki, var badeyi-həmradə fərəh Dedilər xəlq ki, var badeyi-həmradə fərəh, Yarsız görmədim ol cami-qəməfzadə fərəh. Yarsız neyləyirəm seyri-gülü gülzarı, Olmasa yar, olumu cənnəti-məvadə fərəh? Şəbi-meraci-visalın məni zar etdi rəqib, Görmədim, seyr elədim çərxi-müəlladə fərəh. Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim, Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh. Dağım olduqca füzun şad olur aşüftə könül, Tifl üçün eyddə var ziynəti-kaladə fərəh. Yarımın adını bildikdə fərəh hasil olur, Onu təshif eləsən var bu müəmmadə fərəh. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini, Çünki beş günlük olur bülbüli-şeydadə fərəh. * * * Ol lalərüxün işvəvü nazı çox imiş, çox Ol lalərüxün işvəvü nazı çox imiş, çox, Üşşaqə onun suzü güdazı çox imiş, çox. Mehrabi-dü əbrudə könül xeyli zamandır Qalmış, bilirəm, razü niyazı çox imiş, çox. Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə, Məhbubi-həqin mülki-Hicazı çox imiş, çox. Müddətdi ki, qıllam qədəmin daşına səcdə, Eşqin bu məqam içrə nəmazı çox imiş, çox. Mən az bilirdim mənə ənamını yarın, Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox. Bu səltənəti-eşqdə Məhmud tapılmaz, Hər guşədə afaqın Əyazı çox imiş, çox. Yox dəhrdə bir kəs ki, ola arifi-həqbin, Seyyid, aradım eşqi-məcazi çox imiş, çox. * * * Zahida, ol sənəmin zülfi-çəlipasına bax Zahida, ol sənəmin zülfi-çəlipasına bax, Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax. Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır, Tutduğu felini gör, verdigi mənasına bax. Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin, İrsinə dik gözüvü, külçəvü həlvasına bax. İstəyir cənnəti zahid bu qədər hiylə ilə, Əbləhin fikrini gör, dildə təmənnasına bax. Dili-divanə sevən can tək o zülfi-siyəhi, Başının şurini gör, eşqdə sövdasına bax. Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz, Neyləyirsən əməlin, dildə təmənnasına bax. * * * Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox. Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox. Meydani-məhəbbət tərəfə bir güzərin yox. Mehrabdə əgləş ki, cigərdar degilsən, Bu nari-qəmə yanmağa əsla cigərin yox. Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən, Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox. Sən eylə pəri, hur xəyalilə ibadət, Bəzmində ələnnəqd büti-simbərin yox. Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür, Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox. Nə vəslü nə ağuşü nə bir busü kənarın, Ey nəxli-məlahət, bizə əsla səmərin yox. Ey dil, elədin cənnəti-kuyini təmənna, Uçmağa hanı, heyf, sənin balü pərin yox. Bəsdir sənə rüxsari-zərü əşk çü simin, Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox. * * * Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox, Nöqsanı var ki, eşqinin əsla kəmalı yox. Yüz xətt ilə küsuf edə xurşidi-tələtin, Mehrin dilimdə zərrə qədər bir zəvalı yox. Ey bəxtimin sitarəsi, xətt içrə ruyüvi Gər ay tutuldu dersə görənlər, vəbalı yox. Yüz vədeyi-visal eləsin ol pəricəmal, Hərgiz gəlib görünməsinin ehtimalı yox. Seyyid, qayıt, bu mərhələdən kəs ayağını, Axır bu rahi-meykədənin bir məalı yox. * * * Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox, Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox. Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə, Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox. Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu, Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox. Açıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə, Edib çaki-giriban ölməzəm mən, hiç arım yox. Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım, Bətər ondan bu kim, meyxanələrdə etibarım yox. Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz, Mənim baği-behiştim yardır, cənnətdə karım yox. Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid, Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox. * * * Mən tək bahardə hər o şəxsin ki, yarı yox Mən tək bahardə hər o şəxsin ki, yarı yox, Bir bülbüli-fələkzədədir kim, baharı yox. Ol kəs ki, yarını görə əğyarə yar olub, Öldürməsə əgər özünü, hiç arı yox. Çox kimsənin əgərçi kəsibdir qərarını, Əmma mənim təki o gülün biqərarı yox. Bənzər o nəxlə kim, ola bisayəvü səmər, Hər dilbərin ki, aşiqə busü kənarı yox. Seyyid, hanı şərabın, ötür fəsli-novbahar, Bir də baharə çıxmağının etibarı yox. * * * Dolanım başuva, ey nazlıca yarım, bəri bax Dolanım başuva, ey nazlıca yarım, bəri bax, İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. İşvə ağaz qılıb səbrimi tarac eləmə, Getdi dildən dəxi aramü qərarım, bəri bax. Xəm yemiş qamətim əbrulərivün qurbanı, Zülfi-pürtabuva qurban təni-zarım, bəri bax. Bu cəfadidə dil ol kakili-mişkinə fəda, Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax. Can nisar etməgə amadədi Seyyid, gözəlim, Gər desən lütf ilə: ey aşiqi-zarım bəri bax! * * * Eşqdir eyləyən aləmdə bəlalər iycad Eşqdir eyləyən aləmdə bəlalər iycad, Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad. Eşqdir mürşidi-kamil, ona afaq mürid, Eşqə şagird cahan əhli, o kamil ustad. Eşqdir aləm ara darə çəkən Mənsuri, Eşqdir Qeysi qılan Leyli qəmindən naşad. Dağdə surəti-Şirinini nəqş eylər ikən, Başına vurdu külüngün niyə axır, Fərhad? Seyyida, eşq sözün söyləmə nafəhmlərə, Çəkmə zəhmət, nə bilir rütbeyi-insanı cəmad. * * * Ta şanə olub ülfəti-zülfündən olam şad Ta şanə olub ülfəti-zülfündən olam şad, Şadəm ki, dönəm xakə, qubarım ola şimşad. Şadəm ki, məni eşqdə qəmgin görüb ol şux, Gül tək açılır xatiri, halımdan olur şad. Mərgim mənim asandı, vəli müşkil odur kim, Məndən sora eylər kimə cövr ol büti-naşad. Aləmdə mənəm Leyliyi-əsrari-həqiqət, Məcnunu mənəm məst qılan, eyləyən irşad. Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin, Dağlarda külung çalmaz idi başına Fərhad. Saqi, elə məxmurü xərab et məni meydən Kim, olmaya məqdur dəxi eyləmək abad. Seyyid, yetişib aləmə fəryadü fəğanım, Fəryad ki, təsir eləməz ol gülə fəryad! * * * Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd, Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd. Olmuşam eylə nəhif ol nuşləb eşqində kim, Zəfdən çıxmaz nəfəs, ney tək kəsilsəm bənd-bənd, Ey dil, ol bidərdə izhar etmə dərdi-eşqi kim, Yüz desin, fəhm eyləməz, bidərdə dərdin dərdmənd. Atəşin rüxsarın üzrə xali-hindulərmidir, Ya ki, dəfi-zəxmi-çeşmə məcmərə saldın sipənd?! Giryeyi-biixtiyarım təlx edib ovqatımı, Bir açılmaz, halımı sormaz o ləli-nuşxənd. Cam tutdum kim, tutub piri-müğanın pəndini, Kim deyir, divanələr tutmaz, könül, aləmdə pənd? Bilmirəm məsciddən, ey Seyyid, nə gördün aqibət Kim, çəkib məsciddən əl, meyxanəni etdin pəsənd. * * * Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz; Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz. Bu qədri fərqi var kim, suzişi-nari-məhəbbətdə O əfğanlar ki, bülbüldən gəlir pərvanədən gəlməz. Səfayi-meykədə üşşaqə olmaz Kəbədən hasil, Şəfa dərd əhlinə aləmdə hər bir xanədən gəlməz. Ləbi-yar ilədir peymanənin zövqi-rəvanbəxşi, Və illa zövqi-xatir badəvü peymanədən gəlməz. Pozub xət rövnəqi-rüxsari-yarı saldı dillərdən, Nə mane var dəxi, ol şuxi-bipərva nədən gəlməz? Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə, Bu işlər kim, könül, səndən gəlir, divanədən gəlməz. Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim, Əlindən cam düşməz, bir çıxıb meyxanədən gəlməz. * * * Yarım kimi bir sərvqədü gülbədən olmaz. Yarım kimi bir sərvqədü gülbədən olmaz. Rüxsarına bənzər o gülün nəstərən olmaz. Məcruh olur, ey gül, bədənin sayeyi-güldən, Qurbanın olum mən, belə nazik bədən olmaz. Dəryadə dişin tək düri-şəhvar tapılmaz, Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz. Eylər hükəma nükteyi-mövhumu müşəxxəs, Sirri-dəhənin nöqtəsin amma bilən olmaz. Hər adı Məhəmməd ola bilməz şəhi-Bətha, Hər aşiqi-dilxəstə Üveysi-Qərən olmaz. Dəfn eyləyin üryan məni kuyində o mahın, Şər ilə müşəxxəsdi, şəhidə kəfən olmaz. Heyvandı ki, yox başının əfsarı, həqiqət, Hər kimsənə kim aşiqi-vəchi-həsən olmaz. Ol Yusifi-gülçöhrə qəmindən sənə, Seyyid, Şirvan niyə hər ləhzədə beytül-həzən olmaz? * * * Qurtardı nisfi-şamdə, saqi, şərabımız Qurtardı nisfi-şamdə, saqi, şərabımız, Etdi qürub, heyf, bizim afitabımız. Baxma kitabi-hikmətə, mey tök kitabiyə, Çoxdan itibdi, ey ləbi meygun, kitabımız. Derlər behişt əhlinə cənnətdə yox əzab, Bəs kuyi-yardə niyə-artdı əzabımız? Ağzın açıb xitabıma verməz cavab o gül, Pinhan nə söyləyim ki, verildi cavabımız. Zahid sözilə eyləmədik bir səvabə meyl, Bəsdir cəza günündə bizə bu səvabımız. Bülbül pərində başını gizlətdi şərmdən, Əskik degil o qönçeyi-tərdən hicabımız. Seyyid, həmişə talibi-meyxanəyik məgər Bu xakdən siriştə olubdur türabımız?! * * * Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz, Dili-sədpareyi-aşiqdə cərahət qalmaz. Zövq verməz dəxi eşq əhlinə şirin dəhənin, Təlx olur sözlərin, asari-məlahət qalmaz. Sübhi-rüxsaruvü, ey mah, tutar zülməti-xət, Sibqəti-leyl ola sübh üzrə səbahət qalmaz. Xət basar arizüvi hüsnüvü eylər bərhəm, Dəxi ol nəqşi-dilaradə təravət qalmaz. Ləblərin möciz ilə mürdələr etməz ehya, Nəfəsi-paki-Məsihadə fəsahət qalmaz. Gözlərin yadı ilə sinədə asayiş yox, İki bimar olan xanədə rahət qalmaz. Ləbi-yar ilə mükərrər ola gər qafiyələr, Seyyida, qəndi-mükərrərdi, qəbahət qalmaz. * * * Novbahar əyyamıdır, mən zar qaldım yarsız Novbahar əyyamıdır, mən zar qaldım yarsız, Hiç bülbül olmasın bu fəsldə gülzarsız. Ol güli-alə dedim bir yanıma gəl birəqib, Güldü ki, ey aşiqi-şeyda, gül olmaz xarsız. Getsə şami-tirə rövşən sübh olur, lakin mənim Ruzgarım tar olur ol türreyi-tərrarsız. Çox edən bimarə xidmət, aqibət bimar olur, Leyk könlüm xəstədir ol nərgisi-bimarsız. Seyrdə əğyarə bax, ol mahə oldu müştəri, Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız. Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən, Ey könül, olmaz dəhani-yar hiç əsrarsız. Zülfünü daim basar bağrına çeşmi, vəchi var, Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız. * * * Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz, Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab, Məndədir bir gül fərağından qəmi-aləm hənuz. Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak, Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz. Afitabım, ləlini bir gecə görmüş xabdə, Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz. Mehri ol mahın siriştə oldu ol gün könlümə Kim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz. Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba, Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz. Görmüşəm xab içrə bir müddətdi qaşın tağını, Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz. Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida, Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz. * * * Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz, Etibarı yox onun, ağı qəradən seçməz. Nə hünərdir ki, tanır xublər içrə səni dil Hansı bir kəsdir o kim, şahı gədadən seçməz Ey ləbin aşiqə külqənd, gözün bimarı Mövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz. Bəski dil aşiqi-göftari-şəkərbarındır, İstəyir nitqüvi, düşnamı duadən seçməz. Dili divanəni zəncirə çəkərsən yeri var, Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz. Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa, Mərveyi-kuyüvi hüccac Səfadən seçməz. Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa, Tifldir yar, hələ zülmu vəfadən seçməz. * * * Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz, Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz. Nola keçməz yüzündən ol nigari-azərinin dil. Birəhmən bütdən əl çəkməz, səməndər nardən keçməz. Şitab ilə keçər çox xatiri-əğyar üçün məndən, Vəli bir məndən ötrü xatiri-əğyardən keçməz. Keçər piri-müğan hər bir günahı, kani-rəhmətdir, Vəlakin cami-mey tərkin qılan, huşyardən keçməz. Şərabi-“əlbəlaü lilvila” ən məst olan aşiq Keçər Mənsur tək candan, bəlayi-dardən keçməz. Gözün gər içsə qanım nazuvi çəkmək münasibdir, Pərəstarı olan kəs xatiri-bimardən keçməz. O tari-zülfə, Seyyid, qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardən keçməz. * * * Tiğ etsə xətin pak sənə bir zərər olmaz Tiğ etsə xətin pak sənə bir zərər olmaz, Ayinədə seyqəl ola hərgiz kədər olmaz. Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani, Bu hüsnü lətafətdə desinlər bəşər olmaz. Ağuşə çəkib arizi-zibanı şəbü ruz, Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. Sorma bu gecə silsileyi-zülfi-siyahın Tulani olan qissədi, bu müxtəsər olmaz. Yoxdan açıb ağzın verir axırda cavabım, Pinhani olan nalələrim biəsər olmaz. Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim, Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz. At qəmzən oxun Seyyidə, ey qaşı hilalım, Ruintənə yüz ox atasan kargər olmaz. * * * Aləmi-eşq içrə cananın sevən can istəməz Aləmi-eşq içrə cananın sevən can istəməz, Bak edən canü dilindən vəsli-canan istəməz. Zülməti-zülfündə dil xurşidə etməz iltifat, Maili-ləlin olan kəs abi-heyvan istəməz. Mülki-dünya aqibət bərbad olur, ey huşyar! Murcə əqli olan mülki-Süleyman istəməz. Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan, Xardən eylər həzər, seyri-gülüstan istəməz. Gözlərin rövşən edən şəmi-rüxündən, ey pəri, Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz. İstəməz aşiq ki, xət tutsun üzari-dilbəri, Eşqdə kamil olan, ol mahə nöqsan istəməz. Sinədən peykanların çəkmə, dili etmə xərab, Padşahi-adil öz mülkünü viran istəməz. Ey təbib, əl çək əlacımdan, məni incitmə çox, Aşiqi-sadiq olan dərdinə dərman istəməz. Bəs nədən rüxsarına zülfün pərişan etdi yar, Gər bu qarəgünləri zarü pərişan istəməz. Seyyida, sən eylə daim şahi-mərdan vəsfini, Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməz. * * * Hansı bar aşiqə kim, sən kimi canan olmaz Hansı bar aşiqə kim, sən kimi canan olmaz, Bu müşəxxəsdi ki, cismində onun can olmaz. Hansı bir şəhrdə kim, sən kimi qarətgər ola, Şahidəm, şəhrdə billah ki, iyman olmaz. Nə qədər küfri-səri-zülfüvə dinin verməz, Zahidi-tirənişin hiç müsəlman olmaz. Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin, Yox davamı, gülə səbt ayeyi-quran olmaz. Səni görsəm özüm ilə, həsədimdən ölərəm, Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz. Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib Tarı şahiddi ki, beylə quru böhtan olmaz. Səfheyi-xatirə nəqş oldu cəmalın əksi, Şükrlillah, mənimçün dəxi hicran olmaz. Verdi Seyyid o bütün zülfi-pərişanına dil, Cəmdir xatiri, minbəd pərişan olmaz. * * * Ey Xızır, zülməti-zülfü sənə asan olmaz Ey Xızır, zülməti-zülfü sənə asan olmaz, Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz. Hüsnə mövquf degil, yar gərək hal əhli, Çox olur yar, vəli yari-zəbandan olmaz. Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf, Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz. Qan edibdir, dili-üşşaqı xəyali-dəhənin, Afitabım, ləbüvi ləl desəm qan olmaz. Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs, Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz. Zahida, etmə mənim könlümə iyman təlqin, Kafəri-eşqdi bu, hiç müsəlman olmaz. Sənə hədsiz olur, ey şux, mənim tək aşiq, Mənə bu aləm ara sən kimi canan olmaz. Zülməti-şəbdən usandım, ey əlin qurbanı, Sinəni açmayasan, sübh nümayan olmaz. Hüsn sultanı sənin kimi tapılmaz hərgiz, Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz. * * * Aləmə fitnə salan mədəni-şərdir vaiz Aləmə fitnə salan mədəni-şərdir vaiz, Haşəlillah demənəm mən ki, bəşərdir vaiz. Anası daməni-mehrabə atıb qundağın, Eyləmə cəhl ki, məchul-pədərdir vaiz. Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin, Sifətindən deyəsən əhli səqərdir vaiz. “Rətbü Yabisdən” açıb bab, salıb məbhəsələr, Quru sözdən nə bitər, mədəni-şərdir vaiz. Özü layəqilü sərməsti-meyi-qəflətdir, Söyləyir badəni kim, əqlə zərərdir, vaiz. Yox yəqin olmayan işdən sözünü nəql eylər, Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz. * * * Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz, Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz. Ey ləli şəkər, çox yemişəm Misr nəbatı, Hərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz. Qəddindi sənin sərvi-xuraman, zəqənin sib, Amma nə deyim, sərvdə hərgiz səmər olmaz. Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət! Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz. Müjgan oxun atsan əgər, ey qaşı kamanım, Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz. Saradır adın, ikki saçın ənbəri-sara, Saçın kimi aləmdə sənin müşki-tər olmaz. Saçında əyandir mənə tulani bəlalər, Yüz gecə desəm dərdi-dilim, müxtəsər olmaz. Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş, Əşari-lətifin kimi dürrü gühər olmaz. * * * Hanı bir cövhər ola badeyi-səhbadən əvəz? Hanı bir cövhər ola badeyi-səhbadən əvəz? Mürdələr zində qılan kimdi Məsihadən əvəz? Gər mürəkkəb edəsən aləmin əczalarını, Ola bilməz meyi-gülfami-müsəffadən əvəz. Xublərdən necə sənsiz eləyim könlümü şad, Aləmi-surəti kim eylədi mənadən əvəz. Görəsən zati-həq isbatına, ey İbrahim, Məhü xurşid olumi sağərü minadən əvəz? Sanma kim, qeyr sənə mən kimi olsun, ey gül, Olumi zağü zəğən bülbüli-şeydadən əvəz?! Hər məkanda eləyib çünki təcəlla rüxi-yar, Eybi yox məscid əgər olsa kəlisadən əvəz. Seyyida, etmə rəha piri-müğan. damənini, Kimdir ol kəs ki, ola həzrəti-mövladən əvəz. * * * Halımı bil, ey səba, etməgə cananə ərz. Halımı bil, ey səba, etməgə cananə ərz. Bülbüli-bidil qəmin eylə gülüstanə ərz. Zülfü-xəyalı məni qıldı pərişan, səba, Eylə bu əhvalı ol zülfi-pərişanə ərz. Şanəyə ərz etmişəm çaki-dərunum, vəli Eyləyə bilməz gedib kakilüvə şanə ərz. Cənnəti-kuyində bir adəm idim mən, vəli, İndi görüb zillətim, qıl o pəri şanə ərz. Bijəni-könlüm qalıb çahi-bəladə əsir, Eylə bu halı səba, Rüstəmi-dəstanə ərz. Qoy məni ərz eyləyim ol gülümə halımı, Etsə gəda, eybi yox, halını sultanə ərz. Kimsənədən olmadı dərdinə, Seyyid, əlac, Eyləmə hər nakəsə haluvi əfsanə ərz. * * * Gəldi bahar, gəlmədi ol gülüzarımız Gəldi bahar, gəlmədi ol gülüzarımız, Ya rəb, görüm xəzanə dönə novbaharımız. Saldı arayə təfriqə gülçini-ruzigar, Ol gül yanında qalmadı bir etibarımız. Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan, Ey sərv, laləzarə dönübdür kənarımız. Zənnim budur ki, həşrdə şahini sındıra, Səncidə olsa əcri-şəbi-intizarımız. Biz bir qətar naqələrik dəşti-eşqdə, Lakin düşübdü nakəs əlinə məharımız. Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar, Eylə bilillər əldə qalıb ixtiyarımız. Gördü o tari-türreyi-pürpiçü pürxəmi, Seyyid, kəməndə düşdü dili-biqərarımız. * * * Baği-aləmdə mənə bir güli-rənadı qərəz Baği-aləmdə mənə bir güli-rənadı qərəz, Bir qədi sərv, üzü laleyi-həmradı qərəz. Əhədü Əhmədü Məhmudü Əbülqasimdən, Zahirən ismdi, amma ki, müsəmmadı qərəz. Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz, Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz. Surəti-zahirə hərçənd ki, var rəğbətimiz, Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz. Bülbül istər gülü, pərvanə sevər şəmi, vəli Bizə nə şəm, nə ey dil, güli-rənadı qərəz. Xəlqi-insanda nə surət, nə həyula, Seyyid, Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz. * * * İstərəm bir gülü nə bağü nə bostan gülüdür İstərəm bir gülü nə bağü nə bostan gülüdür, Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür. Eşqimi eyləmə nisbət özüvə, ey bülbül, O sənin istədigin fəsli-gülüstan gülüdür. Cümleyi-rövzeyi-rizvanda tapılmaz belə gül, Güli-xoşrayihədir, çünki bu Qazyan gülüdür. Bu güli-xilqəti-xaliqdə lətafət çoxdur, Sanma kim, bu güli-xoşrayihə Səlyan gülüdür. Ey xuda, kim çəkər axırda gülabın bu gülün, Dərdi-sər dəfinə aləmdə bu, dərman gülüdür. Ərəqi-ruyi-Məhəmməddən olub gül zahir, Bu güli-tazə məgər, ol şəhi-dövran gülüdür. Ya Məhəmməd özüdür, gül ərəqi-pakı onun, Rüxi-zibayi-dilarası bunun can gülüdür. Sələvat eylə görüb surəti-pakın, Seyyid, Rüxi-həmrası bunun xaliqi-sübhan gülüdür. * * * Bu günkü bəzmdə cami-şərabımız yoxdur Bu günkü bəzmdə cami-şərabımız yoxdur, Qara olub günümüz, afitabımız yoxdur. Hədisi-hüsnü məhəbbətdi dərsimiz ki, bizim Cəmali-yardən özgə kitabımız yoxdur. Əcəbmi nameyi-əmalımız qalırsa səfid Ki, səbt olunmalı cürmü səvabımız yoxdur Həmişə şer deyib, mey içib, cavan sevərik, Ziyadə felə bizim irtikabımız yoxdur. Əli məhəbbətidir qəlbimizdə nöqteyi-eşq, Təğəyyür eyləmənik inqilabımız yoxdur. Nə qəm mühasibeyi-ruzi-həşrdən, Seyyid, Sualə layiq olan bir cavabımız yoxdur. * * * Məni gədalığa ol yari-pürsitiz istər Məni gədalığa ol yari-pürsitiz istər, Həzar şükr ki, yarım məni əziz istər. Gəlibdi cilvəyə ol sərv qəddü qamətlə, Müşəxxəs oldu ki, aləmdə rəstəxiz istər. Tökər sirişk gözüm, su verir o, müjganə Ki, qətli-am üçün ol tiği-tündü tiz istər. Səba dəgib dağıdır tellərin üzə hərdəm, Məgər o, tari-səri-zülfü müşkbiz istər? Dedim: bu qədr məni, ey həbibi, ağlatma, Dedi ki, aşiqini yar əşkriz istər. Üz ilə zülfüvü dərk etmədim lətafətdən, Seçə qəradən ağı qüvveyi-təmiz istər. Nə əldə nəqdi-dilü can, nə dinü iymanım, Bütani-simbədən Seyyid, əldə çiz istər. * * * Hər aşiqin ki, sən kimi bir gülyanağı var Hər aşiqin ki, sən kimi bir gülyanağı var, Lalə kimi, əyandı ki, köksündə dağı var. Könlümü tazə dağlərin rövşən eyləmiş, Şami-qəmində, şükr, onun şəbçirağı var. Sünbül özünü zülfüvə oxşatdı bir gecə, Gördü xətadır, indi pərişan dəmağı var. Ta qoymaya dodağını dilbər dodağıma, Mən bavər etmənəm ki, o mahın dodağı var. Ta xari-möhnətin dili-pürxunə sancılıb, Ey gülüzar, lalə gülün gül fərağı var. Seyyid yetirdi axır özün xüm ayağına, Başında şuri-nəşəsi, əldə əyağı var. * * * Sövdalərə düşdüm, dedim: allah kərimdir Sövdalərə düşdüm, dedim: allah kərimdir, Gər yandım, alışdım, dedim: allah kərimdir. Bənd oldu könül tari-səri-zülfi-nigarə, Bu damə ilişdim, dedim: allah kərimdir. Yandırdı məni şəşəeyi-nuri-cəmalı, Bu narə alışdım, dedim: allah kərimdir. Gəh yaxdı məni hicri-rüxi, gah visalı, Odlarə tutuşdum, dedim: allah kərimdir. Xam idi könül düşdü qəmi-buteyi-eşqə, Ol butədə bişdim, dedim: allah kərimdir. Seyyid, dolanıb gün təki məcmui-cahanı Dəryaları aşdım, dedim: allah kərimdir. * * * Üzün hədisini dün söylədim bir ayə qədər Üzün hədisini dün söylədim bir ayə qədər, Görək ki, şərhini vaiz bilir bir ayə qədər? Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm, Əgər yüz il yügürə Mərvdən Səfayə qədər. Dedim: visalın üçün çox dualar eyləmişəm, Dedi: çatıbdı sənə etdigin duayə qədər. Dünənki gün də gün idi, bu gün də bir gündür, Vəli təfavütü var ərzdən səmayə qədər. Bu qədr Seyyidə cövr etmə, ey məlaikxu, Fəda olum sənə, ölməzmi bu cəfayə qədər? * * * Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır, Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır. Cismi-zarım əşki-çeşmimdən pozulsa ney əcəb, Tez tapar rəxnə, bəli, bir yer ki, su oynağıdır. Ləşkəri-qəm könlümün mülkini viran eylədi, Padşahım, bir tərəhhüm qıl, mürüvvət çağıdır. Vaiza, təqrir qılma çox da ruzi-həşrdən, Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır. Hər yetən şuxi-cəfapişə mənə, eylər sitəm, Bu bəla çəkmiş vücudum xublər tapdağıdır. Lalələr kim, baş verib xaki-məzarımdan çıxar, Firqətindən çəkdigim sinəmdə həsrət dağıdır. Lütf edib bir gün nolur sorsan pərişan halımı, Seyyidi-sərgəştə zülfi-pürxəmin dustağıdır. * * * O qəragöz ki, mənim eşqdə sultanımdır O qəragöz ki, mənim eşqdə sultanımdır, Xaki-payı gözümə köhli-Sifahanımdır. Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun, Məni Məcnun edən ol zülfi-pərişanımdır. Sanma kim, arizi-alın xət ilə oldu siyah, Səni, ey mahi-pəriçöhrə, tutan qanımdır. Qaldı can, çəkdilər ol şuxun oxun cismimdən, Eylə bildim ki, oxu qaldı, çıxan canımdır. Getmə kəc, ey dili-şeyda, o hilaləbrunun, Gər desəm mah üzün, eşqdə nöqsanımdır. Xızr ol səbzxətin təng dəhanın görcək, Basdı kim bağrına, bu çeşmeyi-heyvanımdır. Seyyid, ol şəm qəmindən gecələr sübhə kimi Yanan əhvalıma kim, bu dili-suzanımdır. * * * Ey gül, nə rəvadır səni meyxarə desinlər Ey gül, nə rəvadır səni meyxarə desinlər, Bədnam desinlər səni, avarə desinlər. Xəlvət nə rəva qeyr ilə, ey Yusifi-sani, Kim, pirəhəni-ismətüvi parə desinlər. Xurşidi-mey ardınca səni hər gecə ta sübh, Ey mah, nə layiqdi ki, səyyarə desinlər. Hər qəlbi qara nakəs ilə eyləmə ülfət, Heyfa, səni aləmdə üzüqarə desinlər. Seyyid təki etmə həvəsi-badeyi-gülgun, Qorxum budur, ey məh, səni meyxarə desinlər. * * * Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir? Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir? Gülzari-çəmən sövti-həzarı nə gərəkdir? Aşüftə könül tari-səri-zülfüvü istər, Sünbül mənə sənsiz, səni tarı, nə gərəkdir? Ətri-sərn-zülfün mənə mətlubdur, ey gül, Əttarların müşki-tətarı nə gərəkdir? Hər gecə ki, ağuşi-xəyalımdadır ol mah, Zahirdə olan busü kənarı nə gərəkdir? Ey zahidi-xudbin, yeri, öz eybinə kur ol, Xəlqin sənə bu eybü əvarı nə gərəkdir? Bibadeyi-gülgun bizi məst eylədi, saqi, Minbəd meyin rəncü xumarı nə gərəkdir? Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid, Öz yarüvi tut, özgə nigarı nə gərəkdir? * * * Fərhad mənəm kim, belə şirinsüxənim var Fərhad mənəm kim, belə şirinsüxənim var, Bir arizi gülgun, ləbi şəkkər-şikənim var. Yox məmləkəti-Reydə şəhi-Nasiridinin, Bu gövhəri-nayab ki, Şirvanda mənim var. Bəhreynə dönüb yar qəmindən iki çeşmim, Qanlı sədəf içrə necə dürri-Ədənim var. Ol zülfi-siyah oldu mənim Darsəlamım, Şam içrə, şərif ölkədə ziba vətənim var. Bəsdir, mənə xaki-qədəmi, xirqeyi-çakım, Yox qəm ki, nə kafurü nə sidrü kəfənim var, Batin üzümün şahididir hüsni-kəlamım, Əlminnətü-lilləh belə vəchi-həsənim var. Seyyid, nə gərəkdir mənə ol ləli-Bədəxşan, Yüz lələ dəgən tazə əqiqi-Yəmənim var. * * * Könül təpidələnir, yoxsa nazlı yar gəlir Könül təpidələnir, yoxsa nazlı yar gəlir, Uçur gözüm, məgər ol sərvi-gülüzar gəlir? Səba gətirdi genə müjdeyi-gülüstanı, Şükufələr açılır, fəsli-novbahar gəlir. Zibəs ki, müntəzirəm, hər ayaq sədasından Təsəvvür eyləyirəm bəlkə nazlı yar gəlir. Əyağı al ələ, saqi, mənə peyapey ver, Amandı, qoyma, mənim başıma xumar gəlir. Şərari-tiğ ilə yandır məni, əgər məndən, Həbibim, ayineyi-könlüvə qübar gəlir. Məgər ki, rəhküzəri-yardə açıb zülfün, Məşamə ləxləxeyi-nafeyi-tatar gəlir. Zibəs ki, arizüvün həsrətin çəkər Seyyid, Açılsa yuz güli-tər gözlərinə xar gəlir. * * * Dedim: ey gül, niyə etdin məni zülfündə əsir? Dedim: ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: divanə olan şəxsə gərəkdir zəncir. Dedim: ol türreyi-pürçində nədir rüxsarın? Dedi: bu surəti Çin içrə qılıblar təsvir. Dedim: ol arizi-zibadə nədir xətti-siyah? Dedi kim, müshəfi-rüxsarıma düşmüş təfsir. Bu ümid ilə ki, qanımı tökər qəmzən oxu, Ey gözün sədqəsi, əmdən qılıram yüz təqsir. Xameyi-Seyyid əgər kim, ola yüz muyşikaf, Sifəti-muy-miyanın edə bilməz təhrir. * * * Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər, Kim inanır bu sözə, göz görə böhtan dedilər. Zülfünə söylədilər müşki-Xəta, nafeyi-Çin, Həqqini bilmədilər, hərfi-pərişan dedilər. Gördülər qan içici gözlərini əhli-nəzər, Bu sitəmgərləri axırda tutar qan, dedilər. Gətdilər duzəx odun aşiq uçün dünyayə, O cigərsuz odun adını hicran dedilər. Hicr dərdinə dəva sordum ətibbalərdən, Dəhənin vəslinə, Seyyid, genə dərman dedilər. * * * Ənbər saçılır, qafileyi-ud gəlibdir Ənbər saçılır, qafileyi-ud gəlibdir, Guya ki, genə çəngü dəfü ud gəlibdir. Xurşid genə tale olub bürci-həməldən, Beytüş-şərəfə əxtəri-məsud gəlibdir. Əyyami-bahar oldu, açıldı gülü lalə, Dünyayə məgər cənnəti-mövud gəlibdir? Bütxaneyi-Şirvanə genə bir büti-ziba, Ya surəti-insanə o məbud gəlibdir. Ol qaşı hilalım yetişib həddi-kəmalə, Bildirki ziyanın eləyib sud, gəlibdir. Seyyid, gəlib ol gövhəri-nayab səfərdən, Gövhər saçılır, lölöi-mənzud gəlibdir. * * * Şükr eylə, könül, söhbəti-cananə yolun var Şükr eylə, könül, söhbəti-cananə yolun var, Ey tutiyi-şeyda, şəkəristanə yolun var. Məhrum degilsən hələ kuyindən o şuxun, Ey bülbüli-şuridə, gülüstanə yolun var. Ey səbzeyi-xət, sən ki ləbi-yarə yetişdin, Bir Xızrsan, ol çeşmeyi-heyvanə yolun var. Ey şanə, bu könlüm kimi sədçak neçinsən, Ol silsileyi-zülfi-pərişanə yolun var? Bu bisərü padən niyə bidadüvi kəsdin, Ey şux, sənin kim, belə ehsanə yolun var?! Bu ülfəti-zahirdən əgər mən olursan, Qurbanın olum, ülfəti-pinhanə yolun var Seyyid, dəxi bu tale əlindən nə şikayət, Ey mur, sənin bəzmi-Süleymanə yolun var. * * * Ol iki zülfdə rüxsareyi-canan görünür Ol iki zülfdə rüxsareyi-canan görünür, Genə xurşid bu gün daxili-Mizan görünür. Düşməyən eşqə nə bilsin ki, nədir müşkülümüz, Ari, qəm çəkməyənə qəm yükü asan görünür. Sənsiz, ey gül, gözümə mövsimi-hicranında Gər gülüstanə baxam xari-müğilan görünür. Dəhənin bir səri-mudur, buna söz yox, amma Bir müəmmadı ki, yüz nükteyi-pinhan görünür. Görünür zülfün arasında məhi-rüxsarın, Şükr-lilləh ki, genə küfrdə iyman görünür. Necə mən badə içim ləli-ləbindən ayrı, Sənsiz, ey gül, meyi-gülgun gözümə qan görünür. Dövri-rüxsarüvi tutmuş genə ol zülfi-siyah, Əcəba, bir mələkə yar iki şeytan görünür. Dəhənin sirrini sordum – dedi, yoxdan nə deyim, Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür. * * * Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır, Salan bu rəngə məni çeşmi-xunfəşanımdır. Nə gül-şüküftədi çeşmimdə əşki-alə səbəb, Nəvayi-mürği-çəmən baisi-fəğanımdır. Əlimdə badeyi-gülgun, yanımda yarım yox, Bahar fəslidir, əmma mənim xəzanımdır. Görüb üzarını zülfi-kəcində ol şuxün, Dedim: bu gün qəmər Əqrəbdədir, qiranımdır. Dedim: cahanda nədir bunca qilü-qalə səbəb, Dedi: arayə düşən məbhəsi-miyanımdır. Diyari-yarə bu gün etmişəm səfər əzmin, Bu tazə şeirlər əhbabə ərməğanımdır. Mənəm o tairi-qüds-aşiyanə kim, Seyyid, Behişti-Ədn mənim köhnə aşiyanımdır. * * * Hər dəm ki, meydən ol büti-tənnaz məst olur Hər dəm ki, meydən ol büti-tənnaz məst olur, Dərdi-təğafül ilə könüllər şikəst olur. Gər mey bu isə, saqisi ol qarə gözlü yar, Zahid satıb əmaməsini, meypərəst olur. Aşiq degil əgər üzüvə gün, nədəndi bəs, Hər gün düşüb ayağuvun altında pəst olur? Bu qarə zülfü kakili-mişkin ki, səndə var, Gər Cəbrəil görsə onu paybəst olur. Seyyid kimi cahanda ayılmaz xumardən, Hər kim ki, məsti-badeyi-cami-ələst olur. * * * Demək hali-dili-zarı o gülrüxsarə müşküldür Demək hali-dili-zarı o gülrüxsarə müşküldür, Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür. Desəm yar öldürür, dərdim deməzsəm dərdi-pinhani, Əlaci-çareyi-dərdi-dili-sədparə müşküldür. Əgər bürqə üzarə salmasan, ey çeşmeyi-xurşid, Şüai-arizindən hüsnüvə nəzzarə müşküldür. Ümidi-Kəbeyi-didarın ilə olmuş avarə, Yetişməzsə əgər dil dövləti-didarə, müşküldür. Sirişkim meyli-kuyin eyləmiş, verməz rəqibim yol, Məxuf olsa əgər yollar, güzər zəvvarə müşküldür. Rəqiba, şöleyi-nari-fərağından hərasım yox, Təsəvvür etmə kim, pərvanə yanmaq narə müşküldür. Qəmi-dildarı pinhan saxla dildə candan, ey Seyyid Ki, məhrəm eyləmək biganəni əsrarə müşküldür. * * * Göstərir məscidi zahid ki, bu iyman yoludur Göstərir məscidi zahid ki, bu iyman yoludur, Bunu da bil ki, könül, meykədə ürfan yoludur. Kəbəyə əhli-həqin batini-dildəndi yolu, Qeyri yol getsən əgər, quli-biyaban yoludur. Qorxuram getməyəsən Kəbəyə, ey ərabi! Getdigin rah müxalifdi, bu şeytan yoludur. Tut könül, ali-Əli damənini, eyləmə qəm, Get bu yoldan ki, bu yol Buzərü Səlman yoludur. Demə meyxanə yolun rahi-zəlalət, vaiz! Oğlun ölsün, bir ayıl, bu Şəhi-mərdan yoludur. Kuyi-cananə yetişməksə muradın, Seyyid, Tərki-can eyləmək ol mənzilin asan yoludur. * * * Gərçi dil seydinə, ey gül, xət ilə xalın var Gərçi dil seydinə, ey gül, xət ilə xalın var, Leyk ondan bu gözəldir ki, gözəl halın var. Genə kimlər ürəgin qan edəcəksən, ey məh, Bu rüxi-al ilə çıxmaqda bu gün alın var. Çox baxırsan dəhəni-yarə, könül, yoxsa genə Məbhəsi-nükteyi-mövhumdə əşkalın var. Zahida, sən ki, bilirsən özüvü hal əhli, Bir öz əhvalüvi bilməzsən, əcəb halın var. Tut ki, ey mürği-dil, oldun bu qəfəsdən azad, Uçmağa cənnəti-kuyinə məgər balın var? Açıram müshəfi, yüz dəfə, “əlif-lam” gəlir, Qamətü zülfdə, ey dil, nə gözəl falın var. Seyyid, ol hurvəşin vəslin edərsən xahiş, Olmağa cənnətə şayistə nə əmalın var? * * * Qətlimə meyl əgər ol dilbəri-növşad eylər Qətlimə meyl əgər ol dilbəri-növşad eylər, Qəm əlindən qutarır, könlümü həm şad eylər. Neçə illərdi qılıb silsileyi-zülfə əsir, Nə məni öldürür ol sərv, nə azad eylər. Gər o Şirin ləbi-ləlini şəkərbar etsə, Gətirir şurə, cahan əhlini Fərhad eylər. Mələkülmovt əgər qəmzənə şagird olsa, Az zamanda onu can almağa ustad eylər. Afərin navəki-xunrizüvə kim, sinəmdən Çəkməgə cani-həzini, mənə imdad eylər. Ta ki, zülmün eşidib etməyələr meyl sənə, Sitəmindən, görə hər kimsəni dil, dad eylər. Meyi-gülfamə dönən ol ləbi-ləlin həvəsi, Səni mey şürbünə ey müğbeçə, mötad eylər. Seyyida, yar eşidib naleyi-zarimi dedi: Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər. * * * Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var, Zülfi-siyahı tək o gülün piçü tabı var. Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət, Amma rümuzi-nazə hələ yüz kitabı var. Gəldi xəti əgərçi üzə xari-xüşk tək, Gülbərgi-tərdi ləli, hələ abü tabı var. Bu şərmdən ki, dil – üzün ayinədir – demiş, Simab kimi lərzə edər, iztirabı var. Yadi-ləbi-nigarım ilə vurduğuna laf Oldu həram badə, dilin ictinabı var. Rəncidə eyləyib gülü bülbül fəğan ilə, Başın çəkib qanadına, güldən hicabı var. Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü, Gül açılıbdı, getmək üçün çox şitabı var. Hərdəm ölür görəndə rəqib ilə yarını, Öldürsə Seyyidi o şahə çox səvabı var. * * * Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir, Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir. Ey mövci-əşk axma, dəxi tutma yolların, Bir rəhgüzar ver, o büti-simbər gəlir. Gəh yad zülfün eyləyirəm, gah kakilin, Bir fikri etməmiş, dilə fikri-digər gəlir. Kəsmə ümid vəsldən əyyami-hicrdə, Ey dil, bu şam kim gedər, axır səhər gəlir. Gər müjdeyi-visalı gələ, yoxdu faidə, Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir. Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar, Bais nədir ki, biri-birindən bətər gəlir? Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri, Güldü ki, könlü məndədir anın, gedər, gəlir. * * * Əhli-eşqin, zahida, cismindəki can özgədir Əhli-eşqin, zahida, cismindəki can özgədir, Aləmi-mənadə, bil, can özgə, canan özgədir. Aşiqin hərçənd xoşdur yarı olmaq bəzmdə, Lakin, ey şeyda könül, yari-zəbandan özgədir. Küfrü iymanı nə bilsin zülfüvə bənd olmayan, Mülki-iyman özgədir, bu kafəristan özgədir. Ey ləbi-dildardən qafil olan Xızri-fəqir, Ləli-dildar özgədir, ol abi-heyvan özgədir. Ey könül köhli-Sifahan sanma xaki-payını, Tutiya bir özgə şey, köhli-Sifahan özgədir. Ney-şəkərdən, hind ara, tuti tapar zövqü səfa, Bilməyir ləli-ləbində şəkkəristan özgədir. Seyyida, xubani-Xülləxdən nədir övsaflər, Mülki-Xülləx özgə, xaki-paki-Şirvan özgədir. * * * Əgərçi həşrdə peyda o sərvqamət olur Əgərçi həşrdə peyda o sərvqamət olur, Fəzayi-məhşər ara özgə bir qiyamət olur. Könüldə zəxmimi qanlı sirişkim etdi əyan, Dənizdə qan balığın zəxminə əlamət olur. Əgər o mahı Züleyxa görə bu surət ilə, Həvayi-Yusif ona mayeyi-nədamət olur. Məgər qiyamə gəlibdir qiyaməti-kübra, Və ya ki, cilvəgər ol şuxi-sərvqamət olur. Qədinlə fitneyi-axırzaman olur peyda, Bu fitnədən özünü saxlayan səlamət olur. Çəkibdi tiği-cəfa yar, əgər tökə qanım, Kəmali-lütfdür ol, qayəti-kəramət olur. Qədin xəyalını hər vəqt kim salır yadə, Mizaci-Seyyidi-dilxunə istiqamət olur. * * * Çeşmində qəzəb yoxsa dili-zarım üçündür? Çeşmində qəzəb yoxsa dili-zarım üçündür? Qəhri o təbibin dili-bimarım üçündür? Şadəm ki, salır qeyr məni yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür. Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar, Tərki-vətən etdimsə əgər, yarım üçündür. Hər gecə fəğanım yetişir gögdə hilalə, Bu nalələr ol əxtəri-səyyarım üçündür. Sən də gedibən ağla öz əhvaluva, Seyyid, Fəryadü fəğanım mənim öz yarım üçündür. * * * Ol üzü xurşid kim aşiqlərin cananıdır Ol üzü xurşid kim aşiqlərin cananıdır, Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır. Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil, Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır. Sirrimi aləm bilir, ey dil, nə pinhan eyləyim, Aşkarə dil alan ol xəndeyi-pinhanıdır. Ey təbib, əl çək əlacımdan, mənə etmə əlac, Xaki-kuyi-dust kur olmuş gözüm dərmanıdır. Nami-məşuqi nə hacət zahir etmək, ey könül, El bilir, aləm bilir gülrüxlərin sultanıdır. Sinədə peykanuva qıldım cigər qanın qida, Canə minnətdir ki, bu cananımın mehmanıdır. Namə gəldi yardən, istər cəsəddən canımı, Böylə sandım ki, həqin gögdən gələn fərmanıdır. Olma yarın, Seyyida, cövrü cəfasından məlul, Aşiqə cövrü cəfası dilbərin ehsanıdır. * * * Bülbülün hali-dilin novgüli-gülzar bilir Bülbülün hali-dilin novgüli-gülzar bilir, Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir. Aşiqi-kamil olan dərdini yarə nə desin, O ki dərd əhlin edib dərdə giriftar, bilir. Razıyam ki, yana pərvanə kimi balü pərim, Gər məni yanmağa ol şəm səzavar bilir. Nə şikayət eləyim dərdi-dilimdən yarə, Bilmişəm ki, dili-zarımda nə kim var bilir. Şakirəm yanmağa, yox cürət edəm şikvə, əgər Ol dilaram mənim cənnətimi nar bilir. Görürəm ol gözü badam, o ləli şəkkər, Eyləsə xahiş, əlaci-dili-bimar bilir. Xunfəsa fövcünə göstərmə kəlamın, Seyyid, Genə gül qədrini bu dəhrdə əttar bilir. * * * Hanı o mah ilə mən işrət etdigim gecələr Hanı o mah ilə mən işrət etdigim gecələr, Tülui-sübhə kimi söhbət etdigim gecələr. Gedəndə yar, durub naz ilə kənarından Alıb ələ ətəgin, minnət etdigim gecələr. Düşəndə xatirimə göglərə çıxar ahım, O mahparə ilə xəlvət etdigim gecələr. Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb, Təvafi-kuyi üçün niyyət etdigim gecələr. Gəlib nihani dəri-yarə, üz qoyub xakə, Qübarın öpməgə ol cürət etdigim gecələr. Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd, O sərvqamət ilə ülfət etdigim gecələr. Deyəndə yar mənə dərd, mən deyərdim can, Məzaqə təlx sözün şərbət etdigim gecələr. Mükərrər eyləyib ol acı sözlərin, Seyyid, Özüm-özümə dönüb ləzzət etdigim gecələr. * * * Hərçənd xubrudə bu adətdi, naz olur Hərçənd xubrudə bu adətdi, naz olur, Sən tək, vəleyk, naz qılan yar az olur. Ol sərvi sərfəraz elədim əşkim ilə mən, Əğyar, sayəsində vəli sərfəraz olur. Adət budur ki, dəhrdə görməz visali-yar. Hər aşiqi ki, pakinəzər, pakbaz olur, Görməz həqiqi aşiq olan vəsli-yarını, Bəzmi-visal qisməti-əhli-məcaz olur. Könlü gərəkdi qönçə kimi qan ola müdam, Kim ki, dəhani-yarı sorub, əhli-raz olur. Fəqrü fənayə talib olan dövlət istəməz, Bu kimiyanı hasil edən biniyaz olur. Qoymaz kəbutəri-dili-üşşaqdə qərar, Hər yerdə kim, gözün kimi bir şahbaz olur. Xurşid edər tülu, yetər şəb nihayətə, Bağlar sitarə çeşmi-həsəd, sübh baz olur. Seyyid, şikayət eyləmə hicrani-yardən, Bir gün olur ki, lütfi-xuda çarəsaz olur. * * * Bu pir könül tazə bir əhli-nəzər istər Bu pir könül tazə bir əhli-nəzər istər, Əvvəlki keçibdir, bunu ondan bətər istər. Göz yaşımı dil culərə döndərdi qəmindən, Məlum olur nəxli-muradə səmər istər. Ləli-ləbini istəsə dil, həqqi var, ey gül, Bimar gözüm qüvvət üçün gülşəkər istər. Peykanlarını xahiş edər dil iki yandan, Uçmağa səri-kuyüvə bir balü pər istər. Başdan keçibən eşqdə cövlan gərək olsun Meydani-məhəbbətdi bu, ey dil, cigər istər. Bimar gözün istəsə qoy qanımı içsin, Qurbandır ona, canımı məndən əgər istər. Bir kimsənə yoxdur ki, sənə olmaya pabənd, Ey xaliqi-bimisl, səni hər bəşər istər. * * * Hanı o mahə həmağuş olduğum gecələr Hanı o mahə həmağuş olduğum gecələr, Şərabi-vəsl ilə mədhuş olduğum gecələr. Siyah zülfü töküb üstümə yatan dəmlər, Bəsani-Kəbə siyəhpuş olduğum gecələr. Zaman-zaman oxuyub yar ilə duayi-qədəh, O lalərüxlə qədəhnuş olduğum gecələr. Düşəndə yadə, düşər şölələr dilü canə, O nari-eşqlə pürcuş olduğum gecələr. Bəsani-seyl yetib bəhri-vəhdəti-yarə, Atıb sədaları, xamuş olduğum gecələr. Çıxanda sövtü o şirin kəlamuvun, Seyyid, O sövtə başdan ayaq guş olduğum gecələr. * * * Alan qərarımı ol kakili-mütərradır Alan qərarımı ol kakili-mütərradır, Başımda, bilməyirəm hiç, bu nə sövdadır? Dedim: nədir rüxi-müshəfvəşində xətti-siyah, Dedi ki, sureyi “Vəşşəms” üçün bu mənadır. Caharmixi-təbiətdən əl çəkən arif, Çıxar səmayə ki, həmxaneyi-Məsihadır. Buraqi-himmət ilə qıl üruc ərşi-həqə, O quş ki, çərxi-çaharüm məqami-İsadır. Görən xudayi-əhəd nurini bu kəsrət ara. Deməz ki, hiç bu məsciddir, ol kəlisadır. Təcəlliyat özünün, göz onun, cəmal özünün, Cahanda gəh özü Yusifdi, gəh Züleyxadır. Rümuzi-şeirdən aləmdə yox mənim xəbərim, Zəbani-Seyyidi-şirinsüxənlə guyadır. * * * Yadə saldıqda səni, dideyi-xunbar ağlar Yadə saldıqda səni, dideyi-xunbar ağlar, Yar hicrin çəkən, əlbəttə ki, naçar ağlar, Bülbüli-bidil əlindən üzülüb daməni-gül, Gecələr sübhə kimi nalə çəkib, zar ağlar. Şad ikən vəslin ilə könlümə qəm çəkdi hücum, Oldu min gunə genə dərdə giriftar, ağlar. Tabi-təb, zülməti-şəb, möhnəti-qürbət, qəmi-yar; Eyləməz tab bu möhnətlərə bimar ağlar. Bəs ki, şəb ta bəsəhər ağlamaq adətdi mənə, Həmdəm olmuş mənə yeksər dərü divar ağlar. Mən ki, hicr atəşinə yandı vücudum, billah, Mənim əhvalıma duzəxdə yanar nar, ağlar. O qədər ağladı Seyyid qəmi-hicran ilə Ki, onun halına bu çərxi-sitəmkar ağlar. * * * Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür, Ayineyi-dildə kədərü qəm nə üçündür? Batdın genə bəxtim kimi bilməm nə qərayə, Qurban sənə, bu şiveyi-matəm nə üçündür? Təcridi-lətafətlə sən İsayi-zamansan, İsayə, nigarım, qəmi-Məryəm nə üçündür? Dünyayə gələn getmək üçündür, bu nə qəmdir, Bir fikr elə bu xilqəti-aləm nə üçündür? Seyyid, əgər ol şəmə sənin yanmadı könlün, Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür? * * * Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər, Salır bir fitnə, canım, qorxuram axırda qan eylər. Gəhi çeşmin alır can, tiri-qəmzəndən tutar pinhan, Gəhi qəmzən tökər qan, çeşmi-məstindən nihan eylər. Edərlər xubrulər qəsdi-can könlüm fəğanından, Cərəsdən necə rəhzənlər ki, qəsdi-karvan eylər. Könül şövqi-rüxündən həlqeyi-zülfündə sakindir O bülbül tək ki, hərdəm şaxi-güldə aşiyan eylər. Gər, ey sərvi-rəvanım, bağ ara nagəh xüram etsən, Qoparıb bağban sərvin, salıb suyə rəvan eylər. Əgər mən ol güli-rüxsarə həsrət can verəm, Seyyid, Məzarımdan çıxıb gül, onda bülbüllər fəğan eylər. * * * Kim ki, Seyyid, özünə bir gözəli yar bilir Kim ki, Seyyid, özünə bir gözəli yar bilir, Nə qədər cövr eləsə canə səzavar bilir. Nə qədər cövrü sitəmdən edə məşuqu günah, Genə aşiq özün eşqində günəhkar bilir. Belədir qaidə gülzari-cahan içrə ki, gül Bülbülü tərk qılıb, həmdəmini xar bilir. Kimini Turi-təcəlladə yaxar bərqi-cəmal, Kimini izzət ilə qabili-didar bilir. Özüvü dilbərə laqeyd gərək göstərəsən, Zülm bünyad edib ol vəqt ki, naçar bilir. * * * Sanma qəm dəfini dildən meyi-gülgun eylər Sanma qəm dəfini dildən meyi-gülgun eylər, Olsa hər kimsədə qəm mey dəxi əfzun eylər. Etmişəm təcrübə kim, eşq ilə bimar olanın Nə əlacın xümü sağər, nə Fəlatun eylər. İctinab eyləmə meydən, bu o cövhərdir kim, Əşəsi Hatəm edər, müflisi Qarun eylər. Ol ki, bir şişə şərabı ala dünyanı verib, Etiqadım budur ol kəs genə məğbun eylər. Seyyida, söhbəti-zöhhadə həvəs eyləmə kim, Təbi əfsürdə qılar, xatiri məhzun eylər. * * * Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur, Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur. Hər mahi-sim-saqə ki, mən müştəri olam, Səngi-məhəkdə qəlb çıxıb, kəm-əyar olur. Yüz dəfə lütf ilə eləsə vədeyi-visal, Qismət mənə haman ələmi-intizar olur. Bunca cəfaların görüb ol binəva könül, Ol bivəfayə, gör, genə ümmidvar olur. Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah, Bir gün olur ki, kamincə ruzigar olur. * * * Kimin ki, sən kimi bir yari-sərvqaməti var Kimin ki, sən kimi bir yari-sərvqaməti var, Qədin fədası olum, gündə yüz qiyaməti var. O vəqtdən ki, salıb başımı bəlayə könül, Qılır ki, şükr, onun haləti-səlaməti var. Təvəhhüm etmə ki, tiğindən etiraz edirəm, Tökərsə qanımı, ey şux, canə minnəti var. Zamani-hicrdə gah ağlayıb, gəhi gülürəm, Bu eşq aləminin özgə növ haləti var. Dəvam qılmadı bir tişəyə səri-Fərhad, Onun təriqi-bəladə mənə nə nisbəti var? Zəbani-hal qılır halımı özü təqrir, Dilim kəsilsə, bəyanə bunun nə hacəti var? Həmişə kəsrəti-qəm kəsrət içrədir, Seyyid, Xoş ol ki, aləm ara kəsrət içrə vəhdəti var. * * * Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər, Can çıxaydı cismdən əhvalə canan bixəbər. Yandırır balü pərin pərvanə şəmə hər gecə, Suzişi-pinhandan ol şəmi-şəbistan bixəbər. Vaqif olsaydım qoyarmıydım çıxa xət ruyüvə, Tutdu bu gülzarı ol xari-müğilan bixəbər. Qafil oldun, ey münəccim, açmadın təqvimdə, Gərdi-xət qondu, tutuldu mahi-taban bixəbər. Olma qafil haləti-üşşaqdən, ey murxət, Hiç hali-murdən olmaz Süleyman bixəbər. Göz önün barmaqlarımla tutmuşam şamü səhər, Qorxuram nagəh ola aləmdə tufan bixəbər. Kamran idim visali-yardə Seyyid kimi, Saldı şövkətdən məni axırda hicran bixəbər. * * * Sinədən guşuma fəryadi-dili-zar gəlir Sinədən guşuma fəryadi-dili-zar gəlir, Dərdi artıbdı, genə naleyi-bimar gəlir. Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm, Şad-mərg etməgə öz aşiqini yar gəlir. Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh, Sənə asan isə bu iş, mənə düşvar gəlir. Hansı bir üzvüvi tərifə edərsəm iqdam, Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir. Əsəri-badəni gör kim, yıxılıb məst oluram, Nə zaman fikrimə ol gözləri xummar gəlir. Dil gəlir busə üçün dövri-xətində dərinə, Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir. Ölməgim xoşdu rəqib ilə səni görməkdən, Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir. Seyyida, tari-səri-zülfü gözümdən getdi, Masiva, tarı bilir kim, gözümə tar gəlir. * * * Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır, Bir kəbutər qəsdinə, guya iki səyyaddır. Öldürür, gahi dirildir aşiqi qəmzən oxu, Türfə sahirdir ki, həm canbəxş, həm cəlladdır. Ləhzə-ləhzə seyli-əşkim aləmə tufan salır, Ta qəmindən hər gözüm bir Dəcleyi-Bağdaddır. Başın üçün, kəsmə məndən ey büti-bidadgər Cövrü zülmün kim, fərəhbəxşi-dili-naşaddır. Ey məhi-namehriban, etməm təmənna vəslüvi, Bəs ki, könlüm möhnəti-hicranuva mötaddır. Qıldı hicran qəsdi-can, cananə bilməz halımı, Lütf qıl, ey nalə, bu dəm kim, dəmi-imdaddır. Yardən ta Seyyidi-müztər kimi düşdüm cüda, Həmdəmim əfğan, ənisim naləvü fəryaddır. * * * Afitabi-zərfəşan, ya badeyi-yaqutdur Afitabi-zərfəşan, ya badeyi-yaqutdur, Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur. Ləbmidir, ey Xızri-xət, ya çeşmeyi-abi-həyat, Xaldır dövri-rüxündə, ya xəti-yaqutdur. İki zülfün sərnigun çahi-zənəxdanə düşüb, Çahi-Babildə məgər Harut ilə Marutdur. Olmayıbdır, ey qəmər, gündə küsufi-afitab, Hüsnüvü görmüş qaçıb rəngi, bu gün məbhutdur. Badeyi-gülfam ilə aludə olmuş caməsi, Ya damıb pirahəni-dildarə qarə tutdur. Gözlərin təlimi-sehr eylər sənin mərdümlərə, Ey gözüm nuru, bular Harut ilə Marutdur?! Bülbüli-gülzari-qüds idin əzəldən, Seyyida, Heyf kim, indi məqamın aləmi-nasutdur. * * * Eşq əhli ki, xali-ləbi-cananı öpərlər Eşq əhli ki, xali-ləbi-cananı öpərlər, Ol Kəbə ara vermək üçün canı, öpərlər. Öpsəm üzüvü, ey üzü müshəf, nə günahım, Bu sünnəti-məşhurdu, Quranı öpərlər. Ətşan cigərim yarələri, bərqüvi görcək Bağrına basıb navəki-peykanı öpərlər. Sağərləri sındırmağımın vəchi budur kim, Ləbrizi-mey olsa, ləbi-cananı öpərlər. Mən ağlayıram, yatmaya ta mərdümi-aləm, Şayəd yuxuda ol ləbi-xəndanı öpərlər. Ətfali-dəbistan güli-ruyin həvəsindən, Hərdəm açıb övraqi-”Gülüstan”ı öpərlər. Qəmzən oxu kuyün daşına qanımı töksə, Əfvaci-məlaik gəlib ol qanı öpərlər. Seyyid, məni uyquyə verib fikrü xəyalım, Ləli-ləbüvi hər gecə pinhanı öpərlər. * * * Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər, Ləkkədar olsa əgər əlmas qiymətdən düşər. Laleyi-ruyin edər çün daği-pinhan aşikar, Sünbüli-geysulərin tabü təravətdən düşər. Lal olur aşiq, gedər çün hüsnü əldən dilbərin, Rəsmdir, fəsli-xəzan bülbül fəsahətdən düşər. Xət gələndə, xəlq ara məşuq olur bietibar, Filhəqiqət, hakimi-məzul hörmətdən düşər. Ol qədər cövr etmə üşşaqə ki, çəksin səndən əl, Şəh rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər. Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən, Gül giribançak olur, sərv istiqamətdən düşər. Seyyida, gəldikcə ol rüxsari-atəşgunə xət, Günbəgündən sineyi-aşiq hərarətdən düşər. * * * Ey gül, sənə hali-dili-şeydanı deməzlər Ey gül, sənə hali-dili-şeydanı deməzlər, Hali-dili-zari-məni-rüsvanı deməzlər. Gördüm o siyəh türrəni rüxsaruva düşmüş, Yandım oda, bu atəşi-suzanı deməzlər. Xəttin bilirik müshəfi-hüsnündə, nə məna, Ləfzi oxudurlar bizə, mənanı deməzlər. Sirri-dəhəni-yarı, könül, axtar, özün tap, Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. Ləlin qəmi öldürdü məni, kimsə inanmaz, Can qatili aləmdə Məsihanı deməzlər. Bimar məni etdi gözün, ikki dodağın Dərdimi bilirlər, mənə dərmanı deməzlər. Qafildi gər ol şəm qəmindən, nə məzəmmət, Seyyid, ona suzi-dili-şeydanı deməzlər. * * * Aşiq əgərçi yarı görüb könlü şad olur Aşiq əgərçi yarı görüb könlü şad olur, Amma ki, çərx cövrü ilə namurad olur. Mane olullar aşiqə kim, mehri az ola, Qafil ki, mən olsa məhəbbət ziyad olur. Şiddət edincə mən olur suzi-dil füzun, Dəryadə mövcə bais olan tünd bad olur. Zail olurmu pənd ilə aşiqdən eşqi-yar, Damən çalanda şöleyi-nar izdiyad olur. Bazari-hüsnə aşiqi-miskindi müştəri, Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur. Məşhur qıldı eşqi-Züleyxa o Yusifi, Aşiqdə hüsn şöhrətinə ictihad olur. Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad, Ta kim, zəmanə var, sənə eşq ilə ad olur. * * * Yüz sərvi-xuraman ola, könlüm səni istər Yüz sərvi-xuraman ola, könlüm səni istər, Yüz baği-gülüstan ola, könlüm səni istər. Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara, Yüz min məhi-taban ola, könlüm səni istər. Bu zülməti-zülfündə ləbin abi-bəqamız, Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər. Ey xublərin şahı, könüldür sənə talib, Aləm hamı xuban ola, könlüm səni istər. Ey dust, bizə huriyi-qılman nə gərəkdir, Yüz huriyi-qılman ola, könlüm səni istər. Seyyid degiləm bənd olam hər bir güli-alə, Yüz qönçeyi-xəndan ola, könlüm səni istər. * * * Ləbini açsa o gül məhfilə şəkkər tökülür Ləbini açsa o gül məhfilə şəkkər tökülür, Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür. Nəkhəti-ənbəri-sara bürüyər afaqı, Hər zaman kim, üzüvə zülfi-müənbər tökülür. Surətin əksi əgər düşsə, sənin, ayinəyə, Həşrədək ayinədən laleyi-əhmər tökülür. Eyləsəm arizi-zibasına bir oğru nigah, Qəmzəsindən o bütün üstümə xəncər tökülür. Bu gecə içmisən, ey lalərüx, ol qədr şərab, Məstü məxmur gözündən meyi-Xüllər tökülür. Vermisən dil gecə sən hansı ləbi-mərcanə, Seyyida, şeri-tərindən dürü gövhər tökülür. * * * Qönçənin bağrını əzzəldə fələk qan eylər Qönçənin bağrını əzzəldə fələk qan eylər, Sonra könlünü açıb dəhrdə xəndan eylər. Səltənət təxtinə bir payədi zindan, ey dil, Yusifi izzət üçün sakini-zindan eylər. Çəkməsə rənc kişi gəncə olurmu vasil, Rəsmdir, rənc çəkən karını asan eylər. Səbri-Əyyub gərək aşiqi-dilsuxtədə, Aqibət lütfi-xuda dərdinə dərman eylər. Olmasa kar pərişan, ona saman olmaz, Hər pərişanlığa tanrı özü saman eylər. Bir düşəydi əlimə vəsl, deyəydim bir-bir Bu cəfalər ki, mənə möhnəti-hicran eylər. Seyyida, qorxma ki, aləmdə xudavəndi-əhəd Səni izzətlə dəri-dövlətə dərban eylər. * * * Dersən mənə kim, huriyi-qılman olacaqdır Dersən mənə kim, huriyi-qılman olacaqdır, Qismət sənə ol Kövsəri-rizvan olacaqdır. Bəsdir mənə bu saqi ilə badeyi-gülgun, Mənzilgəhimiz səhni-gülüstan olacaqdır. Dünyada gərək yari-pərivəş, meyi-biğəş, Üqbayə baxan kimsə pəşiman olacaqdır. Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən, Nəqdini verən nisyəyə nadan olacaqdır. Saqi mənə qılmandı, şərabım meyi-Kövsər, Vaiz cigəri həsrət ilə qan olacaqdır. Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar, Ömrün gedəcək, dəhr özü viran olacaqdır, Seyyid degiləm nisyə sözə bavər edəm mən, Nəqdi-hunərim camə girovgan olacaqdır. * * * Dünyadə eşq qədrini huşyar olan bilir Dünyadə eşq qədrini huşyar olan bilir, Azadəlik səfasını bidar olan bilir. Xurşid qədrini nə bilir huşi kurlər. Bu feyzi-nuri sahibi-əbsar olan bilir. Qədri-kəmali-hüsnü bilir aşiqi-həzin, Əlbəttə, qədri-zərri xəridar olan bilir. Qal əhli bilməsə dəhənin sirrin, eybi yox, Sərbəstə sirri məhrəmi-əsrar olan bilir. Aşiq çəkən qara günü əyyami-hicrdə, Sevdayi-zülfün ilə günü tar olan bilir. Çeşmindən özgə hali-dilim kimsə bilməyir, Bimarlər bəlasını bimar olan bilir. Mən çəkdigim bəlaləri, ey Seyyidi-həzin, Dərdi-fəraqi-yarə giriftar olan bilir. * * * Çün xakə təcəlla elədi xaliqi-cəbbar Çün xakə təcəlla elədi xaliqi-cəbbar, Öz surətini xaki-siyəhdən edib izhar. Çün oldu bəşər əhsəni-təqvimdə təxmir, Bu xak təcəllayi-həqə oldu səzavar. İstərdi mələk, adəmi kim, tapmıya xilqət, Hüsni-bəşəri gör ki, mələk oldu giriftar. Harut ilə Maruta edim mən nə məzəmmət, Cibrili-əmin düşsə bu sevdayə, olur xar. Nə çarə edim eşqimə bəs mən evi viran, Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar. Yüz göz görürəm ki, hamısı sehrdi, cadu, Bimar qılıbdır məni bir gözləri bimar. Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi, Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar. Gər etməz idin arizi-dilbərdə təcəlla, Seyyid bu qədər olmaz idi yarə tələbkar. * * * Dəllak pəsər kayineyi-əhli-nəzərdir. Dəllak pəsər kayineyi-əhli-nəzərdir. Bir surəti-bimisldi, bir şəkli-digərdir. Əbruləri bir tiğdi, müjganları nəştər, Rəgdən açılan nəştərinə xuni-cigərdir. Cam ilə hicab oldu onun tiğinə başım, Başıma bəla oldu mənim də, bu nə sərdir. Bir əldə tutub tiğini, bir əldə tutub səng, Dəvayə gəlirsə ona canım nə sipərdir. Əl vursa əgər çərxə, çıxar göglərə ahım, Ey çərxi-cəfakar, sənə cayi-həzərdir. Miqrazi-cəfa ilə əgər rişteyi-ömrüm Qət eyləsə billəh deməzəm kim, nə xətərdir. Şanə kimi sədçak idi könlüm bu həsəddən Kim, şanəkəşi-türreyi-hər şöbədəgərdir. Ey gül, nə rəvadır dura hər xarə müqabil Ruyin ki, gülüstani-səfadə güli-tərdir. Ey kaş, olaydım qayış ol muymiyanə, Vəh-vəh, nə gözəl muymiyanü nə kəmərdir. Tas öpdü əlin, bağrını su eylədi Seyyid, Gözdən tökülən əşk degil, xuni-cigərdir. * * * Qadan alım, ay qara göz, sənə bu əda neçindir Qadan alım, ay qara göz, sənə bu əda neçindir, Nə üzüqaralıq etdim, mənə bu iza neçindir? Sənə al don yaraşır, niyə geymisən qəra sən, Məgər aşiqin ölübdür, sənə bu əza neçindir? Yanağındı lalə nisbət, dodağın əqiq manənd, Bədənin səfidi-safi, bəs adın qara neçindir? Mənə ad Qara gərəkdir ki, mənim günümdü qarə, Bu ad ay vəfalı dilbər, de görüm sana neçindir? Sənə aşiq olsa hər kəs, olu qarəbəxt billah, Yox isə bu ad səninçün sənəma, şəha, neçindir? Dili zəxmdar Seyyid yetə gər o qarə zülfə, Dəxi qarə lazım olmaz, ona bəs dəva neçindir? * * * Qəbr evinə o ki, bir şişə meyi-nab aparır Qəbr evinə o ki, bir şişə meyi-nab aparır, Atəşi-düzəxi söndürməgə seylab aparır. Abidin səhvini eyb etmə, qaşın şövqü ilə O qədər fikr qılır, əqlini mehrab aparır. Güzərim kuyüvə düşcək ayağım toprağını Tutiya etmək üçün çeşminə, əshab aparır. Şəbi-hicran müjələr tutmasa çeşmim önünü, Giryədən sübhə kimi aləmi seylab aparır. Şərhi-zülfün gecələr Seyyidi qoymuş bidar, Gərçi əfsanə uzandıqca gözü xab aparır. * * * Hüsndə Yusifə düşməz edə canan ilə bəhs Hüsndə Yusifə düşməz edə canan ilə bəhs, Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə, Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. Dəhənin nöqtə bilib əhli-dəqayiq o məhin, Bunda söz çox, nə edim bir neçə nadan ilə bəhs. Payi-cananə fəda qılmaq üçün vəsl günü, Sibqət etməkdə edər xəstə könül can ilə bəhs. Sünbülün halı pərişan görünür, yoxsa edib Ol üzü qarə bu geysuyi-pərişan ilə bəhs. Hüccəti-qatei yox, qönçə, vəli, ağzın açıb, Bilməm eylər dəhəni-yarə nə bürhan ilə bəhs. Şeri-möcüz əsəri-Seyyid ilə bəhs qılan, Elədir kim, eləyə ayeyi-quran ilə bəhs. * * * Görək meydən nə fitnə oldu hadis Görək meydən nə fitnə oldu hadis Ki, zahid söylədi ümmülxəbais?! Kəmali-cəhli gör kim, söyləmişlər: Olur mey fitneyi-ürfanə bais. Şəfaətdən olum üqbadə məhrum, Əgər bunlarsa elmi-şərə varis. Ərəqlə badədir ol iki cövhər Ki, yoxdur onlara dünyadə salis. Biçərsən məzrəi-üxradə, zahid, Nə töxmə olmusan əvvəldə haris. Fəsad əhli qoyub adın müfəssir, İnad əhli özün söylər mühəddis. Dəhən şövqilə, gər, yox etdi varın, Olur hər nüktəyə Seyyid mübahis. * * * Könlümün zövqinə bir qönçədəhəndir bais Könlümün zövqinə bir qönçədəhəndir bais, Ləzzəti-ruhuma ol təlxsüxəndir bais. Şövqi-kuyinlə işim ahü fəğandır, ey gül, Bülbülün naləsinə yadi-çəməndir bais. Simgun seyli-sirişkim ki, gözümdən saçılır, Bir büti-ləli-ləbü simbədəndir bais. Dil ki, zülfündə qara gün çəkibən səbr eylər, Onda mu qədri olan hübbi-vətəndir bais. Ney təki dil ki, nəvalər yetirir üşşaqə, Bir Hüseyni-nəsəbü vəchi-həsəndir bais. Dil ki, nadidə olub aşiqi-didar sənə, Ey ləbi ləli-Yəmən, Veysi-Qərəndir bais. Ləbi-şirinini vəsf et o gülün kim, Seyyid, Şuri-əşarüvə aləmdə bu fəndir bais. * * * Eylər şərab ləli-ləbinlə müdam bəhs Eylər şərab ləli-ləbinlə müdam bəhs, Gün tək bu rövşən oldu ki, eylər həram bəhs. Napüxtədir deyən tənüvə simi-xamdır, Sərraflər yanında nə lazım bu xam bəhs. Əhli-kəlamə sirri-kəlamın açılmadı, Bir nüktə üstə etdilə malakəlam bəhs. Hərdəm qılıb vücudi-ədəmdən hekayələr, Rəmzi-dəhanın ilə edər xasü am bəhs. Zülfü rüxün hekayəti yetməz nəhayətə, Gər etsələr səfidü siyəh sübhü şam bəhs. Mən kuyi-yari, zahid, əgər Kəbədir dedim, Fərz olmadı ki, sən edəsən biməqam bəhs. Seyyid, o məhdən ötrü çox etmə mübahisə, Naqis qalır zəmanədə, olmaz təmam bəhs. * * * Dil etsə nolar sineyi-sədçakə təşəbbüs Dil etsə nolar sineyi-sədçakə təşəbbüs, Suyə batan eylər xəsü xaşakə təşəbbüs. Təngə gəlib ahi-cigərim atəşi-dildən, Dud ilə çıxıb eyləyir əflakə təşəbbüs. Dil əksi-rüxün atəş ilə xakdə görmüş, Gahi eləyir atəşə, gəh xakə təşəbbüs. Şayəd ki, edə dərk səni qüvveyi-idrak, Sultani-xəyalım edib idrakə təşəbbüs. Çəng ur o kəsə, ricsdən etmiş onu həq pak, Pakizə olan gövhər edər pakə təşəbbüs. Fitraki-nigarımda mənim seyd olan ahu – Bu bismili-dil eylər o fitrakə təşəbbüs. Seyyid gözüvün bəs ki, görüb cövrü cəfasın, Bundan eləyib qəmzeyi-bibakə təşəbbüs. * * * Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs, Məxfi qalsın söz, nihani canə eylərsən həvəs. Gəh sözün meyxanədir, gahi xəyalın saqidir, Cənnət istərsən, yəqin qılmanə eylərsən həvəs. Yox işin sirri-dəhani-yari sormaqdan siva, Sən məgər hər nükteyi-pinhanə eylərsən həvəs. Ey dili-məcruh, yox müşk ilə zəxmin sazişi, Bəs neçin ol zülfi-müşkəfşanə eylərsən həvəs. Gəh təmənna tiğin eylərsən, gəhi peykanını, Yardən hər ləhzə bir ehsanə eylərsən həvəs. Ey xəyali-yar, çıxmazsan könüldən, bilməzəm Sən neçün bu mənzili-viranə eylərsən həvəs? Seyyida, sal boynuva zünnari-zülfi-yarı sən, Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs. * * * Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs, Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs. Aşiq azadə gərəkdir ki, dönər zindanə Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs. Ağladı bülbül əgər mən kimi hicran gecəsi, Nə üçün dönmədi bir mövclü dəryayə qəfəs? Əndəlib-çəmənü güldə olan zati-şərif, Nə əcəbdir dəgə gər cümleyi-dünyayə qəfəs. Seyyida, aləmi-surət əgər olsaydı fəna, Ləfzlər olmaz idi dəhrdə mənayə qəfəs. * * * Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş. Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş. Bağışla, bilmədim biganələrlə aşinasənmiş. Səni ayineyi-məqsud sandım rubəru durdum, Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş. Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq, Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş. Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən, Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş. Kimin zülfünə bənd oldunsa, Seyyid,bivəfa çıxdı, Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş. * * * Fəqrü fənanı bilməz idim kimiya imiş Fəqrü fənanı bilməz idim kimiya imiş, Səngi-sitəm şikəstə dilə mumiya imiş. Mülki-fənavü fəqrdə sultan imiş fəqir, Övci-səriri-izzdə sultan gəda imiş. Mən zəhr bildigim məni-miskinə nuş imiş, Biganə sandığım mənə xüd aşina imiş. Ta sayə saldı başıma, yetdim səadətə, Mən cüğdə nisbət eylədigim quş, hüma imiş. Çin söz budur ki, nafeyi-Çindən ziyadədir, Müşki-Xəta o zülfə demək bir xəta imiş. Könlüm olurdu rəşklə sədçak şanədən, Kəc getmişəm ki, zülfüvə məhrəm səba imiş. Seyyid düşəndə möhnətə “Nadi-Əli” oxur, Müşkülgüşa cahanda şəhi-Lafəta imiş. * * * Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış, Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış. Edibdir hər birinin qəmzeyi-xunxarı seydi-dil, Sanırsan şahbazi-ahəninmixləb şikar almış. Birisi almağa canım götürmüş xəncəri-bürran, Birisi tökməgə qanimi tiği-abdar almış. Biri zahir nigah ilə alıbdır canımı pinhan, Birinin qəmzeyi-pinhanı könlüm aşikar almış. Nə din qoymuş, nə iyman məndə, na ayinü nə məzhəb, Bu kafərbeççə dilbərlər əlimdən hər nə var almış. Xüsusən ol nigari-sərvqamət, yari-məhsima Ki, tabi-türrəsindən rəngü bu müşki-tatar almış. Görənlər səfheyi-ruyində, Seyyid, xəttin ol şuxün Sanır kim, kişvəri-Rumu sipahi-Zəngbar almış. * * * Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş, Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş. O dəhən fikri ilə cümlə yox oldu varım, Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş. Hər gələn adəm edər canü könüldən təsdiq, Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm, Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş. Qaşların nuni-qələm, qəddin əlif, zülfün lam, Üzüvi sureyi-quran dedilər, gerçək imiş. Yerü göy, ərşü mələk nurüvə eylər səcdə, Səni kim, aləmə sultan dedilər, gerçək imiş. Sənəma, səndə təcəlla eləyib həzrəti-həq, Surətin surəti-rəhman dedilər, gerçək imiş. Hüsnüvə aşiq olan oldu mələkdən əla, Münkiri-fəzlüvə şeytan dedilər, gerçək imiş. Seyyidin-zahir olub şeri-şəkərbarından Ləbi-ləlin şəkəristan dedilər, gerçək imiş. * * * Alışdım odlara, aldım dili-divanədən atəş Alışdım odlara, aldım dili-divanədən atəş, Düşübdür aləmi-imkanə bu kaşanədən atəş. Dedim: xəttin dişərdi, könlümü ver, ey məhi-taban, Dedi: axşam vermək xoş degildir xanədən atəş. Əgər dil yanmasaydı yaxmaz idi qəlbi-cananı, Əcəb halətdi kim, şəmə düşüb pərvanədən atəş. O xali-filfilin, ey gülbədən, yandırdı üşşaqı, Düşübdür xirməni-əhli-dilə bir danədən atəş. Şitadır, saqiya, məclis ara qəlbi-şita xoşdur, Büsatı gərm qıl, göstər bizə peymanədən atəş. Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə – Ki, heç əskik degil bu guşeyi-viranədən atəş. Müradın xatiri-cananı yandırmaqsa fəryad et – Ki, Seyyid, xali olmaz süfreyi-məstanədən atəş. * * * Etdigim nalələr olmazdı bu sevdadə tələf Etdigim nalələr olmazdı bu sevdadə tələf, Sinəm olsaydı gər ol navəki-müjganə hədəf. Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin, Düzülüb gözlərivün dövrünə müjgan səf-səf. Yazdı “Vəlleyli iza” səfheyi-rüxsarüvə xət, O bəyazə bu səvad ilə füzun oldu şərəf. Almamış abi-dü çeşm ilə vüzu aşiqi-zar, Baxa bilməz üzüvə, ey üzü rəşki-müshəf! Dürri-əşkimə nola yar xəridar olsa Ki, bu dürdanəyə bəhreyni-dü çeşmimdi sədəf. Rədə lazımdı Rübab, etmə müğənni, dəfə zur Ki, könüldən qəmimi dəf eləməz nəğmeyi-dəf. Çəkdilər Yusifi-mənanı genə bazarə, Seyyida, saxlama canı, nə gərəkdir bu xəzəf. * * * İsm özü bir ismdir, amma müsəmma müxtəlif İsm özü bir ismdir, amma müsəmma müxtəlif, Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif. İxtilafi-rəy ilə hər kimsə bir məna verib, Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. Aləmi-pirü cavan oldu müqəyyəd rəng ilə, Ol səbəbdəndir olub, ey dust, əsma müxtəlif. Bəhri-vəhdət mövc edib, tişrə dağıldı qətrələr, Oldular ol qətrələrdən dürri-lala müxtəlif. Vəhdətə eylə nəzər kim, çizi-vahiddir haman, Gərçi surətdə olub Fironü Musa müxtəlif. Nur – eyni-nardır, həm nar – eyni-nurdur, Duzəxü cənnət olub surətdə, cana, müxtəlif. Hüsnü eşqü aşiqü məşuq birdir, ey könül, Seyyida, hərgiz degil aləmdə əşya müxtəlif. * * * Bir mahı sevib, çərxə təmənnadən usandıq Bir mahı sevib, çərxə təmənnadən usandıq, Bu düşməni-kəcbinə müdaradən usandıq. Ol lalərüx olmaz bizə nə dust, nə düşmən, Əğyar ilə bihudə bu qovğadən usandıq. Bülbül, sənin olsun dəxi gülzari-məhəbbət, Bu bağdə biz ol güli-rənadən usandıq. Divanə olub daməni-səhralərə düşdük, Biz silsileyi-zülfi-çəlipadən usandıq. Başdan yerə qoyduq həvəsi-badeyi-nabı, Atdıq ayağ əldən, meyi-səhbadən usandıq. Biz qisseyi-Şirin ilə Fərhadı unutduq, Əfsaneyi-Məcnun ilə Leyladən usandıq. Əl çək, dedik, ol mahdən, əl çəkmədi Seyyid, Biz əl çəkib, ol aşiqi-rüsvadən usandıq. * * * Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq, Yox olubdur varımız, dərdə giriftar olmuşuq. Nəbzimizdən çəkməz əl, ey mah, bir saət təbib, Həsrəti-çeşminlə ol gündən ki, bimar olmuşuq. Var idik ol ləhzə kim, yox idi ərzü asiman, Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq? Çəkdilər bazarə ol gün kim, əmanət gövhərin, Canü dildən əl çəkib bizlər xəridar olmuşuq. Bizdə istehqaq yox, bu nə kərəmdir bilmirəm, Xilqəti-icadə biz hardan səzavar olmuşuq? Yoxdur, ey arami-can, sənsiz vücudə bir əsər, Fel özün, fail özün, biz nə günəhkar olmuşuq? İçmişik xümxaneyi-əhbəbtü camından şərab, Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq. * * * Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq, Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. Diyari-hicrdə seylabi-dərdü qəm hücumundan, Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq. Eşitmək gündə yüz min sərzənişlər dustü düşməndən, Nəzərlərdən düşüb göz yaşı tək bietibar olmaq. İraqdan yarını görcək əsib könlü, qaçıb rəngi, Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq. Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrövdən, Dolanıb başına şayəsteyi-busü kənar olmaq. Hücumi-şövqdən zülfü kimi öpmək yanağından, Gəhi dişlib ləbindən, gəh ləbi tək zəxmdar olmaq. Vüfuri-şövqdən əzbəs qılıb bu növ çox işlər, Ədəb nagah olub qalib o işdən şərmsar olmaq. Dönüb öz üzqəralıq üzrün etmək ol siyəhmudən, Günahın keçmək üçün ilticası səd həzar olmaq. Yetib Seyyid kimi vəslə, genə əğyar zülmündən Düşüb dərdü-fəraqə vəslinə ümmidvar olmaq. * * * Ey sariban, qətarımızı kuyi-yarə çək Ey sariban, qətarımızı kuyi-yarə çək, Rəhm et, bu dağidarləri laləzarə çək. Ey badi-şürtə, lütfü mürüvvət zamanıdır, Bu bəhrdən səfinəmizi bir kənarə çək. Ey naxuda, xudayə qəsəm, bu səfinəni, Yarım olan diyarı soruş, kuyi-yarə çək. Ol Xızri-xət gedib Xəzərilər diyarına, Xızri-rəh ol, bizi dəxi sən ol diyarə çək. Ey çərx, edib o mah ilə rövşən məqamımız, Beytüşşərəf həvaləsinə bir sitarə çək. Əğyar ilə şərab içib ol sərvi-lalərüx, Az dağ tazədən bu dili-dağdarə çək. Seyyid, qübari-məqdəmi ol sərvqamətin, Bir tutiyadı, dideyi-ümmidvarə çək. * * * Gərəkdi kim, sala hal əhlini bəlayə fələk Gərəkdi kim, sala hal əhlini bəlayə fələk, Verir həzar bəla mərdi-mübtəlayə fələk. Əgər ki, bir-birinə mehriban ola iki kəs, Salar bəlavü qəmü firqəti arayə fələk. Həmişə gərdişi kam əhlini edər nakam, Nə şahə kam verib, nə kəmin gədayə fələk. Gərəkdi Yusifi Yəqubdən cüda qılsın, Diyari-Misrdə satsın kəmi-bəhayə fələk. Həsədlə aşiqi məşuqdən cüda eylər, Keçirdi başını eşq əhlinin cidayə fələk. Gülü əlindən alıb biqərar şüğl və leyk Gətirdi bülbüli-şeyda kimi nəvayə fələk. Fələk cəfası bu gündə degil sənə, Seyyid, Əzəldə adət edib cövr ilə cəfayə fələk. * * * Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik, Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik. İbtilayi-fəqrdən yüz zövqü ləzzət görmüşük, Biz bu aləmdə səfanı şahdən kəm çəkmərik. Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal, Minnəti-Cəmşidü fikri-sağəri-Cəm çəkmərik. Gər nihali-arizumuz rişəsindən xüşk ola, Minnəti-baranü feyzi-çeşmi-pürnəm çəkmərik. Yansa dil, xak olsa tən, ey şəm suzi-eşqdən, Dudumuz çıxmaz bizim, ahi-dəmadəm çəkmərik. Gəndümi-xalın görüb cənnətdən əl çəkməz o kim, Biz onun adını bu aləmdə adəm çəkmərik. Üz əgər verməz bizə, bir vəchi vardır, ol pəri, Seyyida, biz sən kimi rüxsari-dərhəm çəkmərik. * * * Yüz feyzin olsa xəlqə əgər afitab tək Yüz feyzin olsa xəlqə əgər afitab tək, Dövran salar ayağa səni mahtab tək. Bilməz rümuzi-söhbəti-həmraz dərdini, Nadanə əhli-dil açıla gər kitab tək. Olma məlali-xaxiri-ərbabi-mərifət, Hər vardığın büsatə səfa ver şərab tək, Yox eybi kimsədən sənin ehsan qəbuluvun, Ehsan edərsən aldığuvu gər səhab tək. Məmlüvv ikən həvayi-məhəbbətlə sinəmiz, Seyli-həvadis ilə yıxıldıq hübab tək. Ol afitabrüxlə keçən günlərim mənim, İndi gəlir xəyalıma hicrində xab tək. Başın yetər səmayə şərafətlə, Seyyida, Eşqilə payimal ola bilsən türab tək. * * * Bir zaman biz dəxi ol mah ilə həmxanə idik Bir zaman biz dəxi ol mah ilə həmxanə idik, Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik. Şuri-mey başda, əyağ əldə, səbu zanudə, Məclisi-eyşdə həmkaseyi-cananə idik. Rəşki-səd aqilü fərzanə idik gərçi ki, biz, Həlqeyi-silsileyi-zülfdə divanə idik. Hüsnünə məzhər idik ol büti-siminbədənin, Üzünə ayinə, geysulərinə şanə idik. Uzadıb başımızı xümdən içərdik meyi-nab, Məst meyxanədə, biminnəti-peymanə idik. İndi bir qeyri sayaq ilə ötürsən bizdən, Biz məgər kim, sənə, ey gül, belə biganə idik? Ol büti-leylivəşin aşiqi-məcnunu olub, Şöhrəti-eşq ilə Seyyid kimi əfsanə idik. * * * Can tazələnir ləli-dürəfşanını görcək Can tazələnir ləli-dürəfşanını görcək, Dil xürrəm olur sərvi-xuramanını görcək. Dağlarə çıxıb saldı başın sünbül aşağə, Ol lalərüxün zülfi-pərişanını görcək. Püstə dəhəni açıla qaldı həsədindən, Ol sərvqədin qönçeyi-xəndanını görcək. Yəqub neçin ölmədi, bilməm, fərəhindən, Can nəqdi olan Yusifi-Kənanını görcək? Cananı görən ləhzədə can düşdü ayağə, Yalvardı gəda əcz ilə sultanını görcək. Bu xaki-siyəhdən başımız çərxə ucaldı, Ol mahrüxün gündə bir ehsanını görcək. Seyyid, elə bildim ki, bəqa suyunu içdim, Ol səbz-xətin qətlimə fərmanını görcək. * * * Yarımı yar eylədin əğyarə, ey fələk Yarımı yar eylədin əğyarə, ey fələk, Etdin gülü nəsib genə xarə, ey fələk. Saldın şüai-mehrüvi rüxsari-yarıma, Etdin zəmanədə günümü qarə, ey fələk. Hər nisfi-şəbdə səndə degildir sitarələr? Açdın o mahə dideyi-nəzzarə, ey fələk. Saldın səfər havasına yari-əzizimi, Etdin o mahi-sabiti səyyarə, ey fələk. Yaxdın fəraqi-yar ilə könlümü, həqqi var Ahım şərarı yaxsa səni narə, ey fələk. Bidərdlərdə dərd görüb çarə eylədin, Yoxdur bu dərdi-hicrə məgər çarə, ey fələk? Seyyid şikayət eyləsə səndən əcəb degil, Yarımı yar eylədin əğyarə, ey fələk. * * * Şadəm ki, könlüm oldu ol zülfü xalə mail Şadəm ki, könlüm oldu ol zülfü xalə mail – Kim, qarəbəxtlikçün candan olubdu qabil. Ey xoş o gün ki, tiğin çak eyləyə vücudum – Kim, çöhreyi-visalə, oldur aradə hail. Əzbəs ki, tutmuşam xu hicrinlə, ey cəfacu, Olmaz dili-həzinim hərgiz visalə mail. Rəmzi-dəhanın, ey gül, əhli-dəqayiq içrə, Nə sirrdir ki, salmış yüz bəhsü yüz məsail. Oldu qübari-rahım mərdüm gözünə sürmə, Ta kuyin itlərindən kəsb eylədim fəzail. Ağzın məbahisində nəfyi-vücud edənlər, Göftarə gəl ki, görsün isbatına dəlail. Qıldı əsiri-qürbət bu Seyyidi-həzini, Bir sərvi-mahpeykər, bir şuxi-xoşşəmail. * * * Çü məndən oldu o məhbubi-dilrüba qafil Çü məndən oldu o məhbubi-dilrüba qafil, Yəqinim oldu olur bəndədən xuda qafil. Olurmu qabili-təmir bir vilayət kim, Ola rəiyyəti halında padişa qafil. Adın fədası olum, hiç gör rəvadırmı Ki, ümmətindən ola xətmi-Ənbiya qafil. Sənin təki büti-birəhmə olmaz idim əsir, Kəməndi-zülfüvə saldı məni qəza qafil. Təğafül adəti-xubandır, incimə, Seyyid, Qəmindən olsa əgər yari-bivəfa qafil. * * * Sərv hərçənd rüunətdə qədin tayı degil Sərv hərçənd rüunətdə qədin tayı degil, Bu qədər var, sənin kimi o hərcayi degil. Eyləyən sineyi-çaki hədəfi-tiri-bəla, Kiprigin oxları, yainki qaşın yayı degil? Görüb əbrusunu şəmşirə baxırsan əgri, Zahida, başın üçün bu ramazan ayı degil. Kimdi bəs sineyi-suzandə fəryadə gələn, Dil gedib zülfi ilə, bu dili-şeydayi degil. Vayımı yar eşidib, vay könül, söylədi kim, Seyyidim çoxdan ölübdür, bu onun vayı degil. Badeyi-sağərimi alma əlimdən, ey şeyx, Qismətimdir bu mənim, bu atovun payı degil. Sinədə yarələrim saydı, dedi: “min” – cərrah, Səhv edib bu, hələ mindən birinin sayı degil. Demə, zahid nəzər etməz görə gər ol ayı, Seyyid, getmə kəc, axır bu qədər ayı degil. * * * Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül, Qarə oldu yar əlindən ruzigarın, ey könül. Yüz cəfa gördün, vəli, bir gəz şikayət etmədin, Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül. Nə ümid ilə, genə dilbər sənə vermiş firib Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül. Yoxsa əğyar ilə görmüşsən genə məhparəni? Bənzəməz hərgünkünə bu ahü zarın, ey könül. Gər o ahugöz düşə aləmdə bir gün damüvə, San qəzali-çərx olur yerdə şikarın, ey könül. Aldı əqlü huşüvi şövqi-dəhanı dilbərin, Getdi əldən yox yerə məcmu varın, ey könül. Xublər zülfinə qoymazdım səni bənd olmağa, Məndə olsaydı əgər kim, ixtiyarın, ey könül. Ol pəridən çək dedim əl, pəndimi guş etmədin, Nalədir Seyyid kimi indi mədarın, ey könül. * * * Vaizi-şəhr özü iqrarına etsəydi əməl Vaizi-şəhr özü iqrarına etsəydi əməl, Düşməz idi bu qədər din ilə dünyayə xələl. Qovli-zahidlə əməl etməmişəm, həşr günü Var ümidim ki, mənə dadrəs olsun bu əməl. Bir əyağ ilə dəmağın edə tər zahidi-xuşk, Kafərəm çəksə əgər badeyi-gülfamdən əl. Oğlun ölsün, bu qədər məscidə getdin bəsdir, İmtahan etmək üçün bircə də meyxanəyə gəl. Xum ayağına qoyub başuvi, al dəstüvə cam, Ta ola kəşf sənə nükteyi-əsrari-əzəl. Şövqdən köhli-Sifahan kimi dürtər gözünə, Seyyida, yetsə əgər Zuiyi-zarə bu qəzəl. * * * Vəsli-yar ilə yetişdi hamı bayramə, könül Vəsli-yar ilə yetişdi hamı bayramə, könül, Yetmədin dövləti-didar ilə sən kamə, könül. Daneyi-əşk töküb etmə təmənnayi-visal, Gəlməz ol mürği-hümapişə bizim damə, könül. Xəlqə eyd oldu, vəli, mahi-məhərrəmdi mənə Ki, fəraq ilə günüm döndü bu gün şamə, könül. Göz qərasın həll edib xameyi-müjgan ilə, Yeri vardır yazasan dilbərə bir namə, könül. Ruzi-eyd oldu, mənim yari-güləndamım yox, Nə həvəs eyləyim ol badeyi-gülfamə, könül. Yetmək olmaz bu gün ol dilbəri-siminbədənə, Düşmə bica yerə sən bu təməi-xamə, könül. Seyyida, ol məhi-bimehr fərağında bu gün Nə edər badəyə rəğbət, nə baxar camə könül. * * * Mənə hicrində o növ ilə degil surəti-hal Mənə hicrində o növ ilə degil surəti-hal Ki, sual etsən ola qüvveyi-təqrirə məcal. Gər ölən vəqt sənin adını zikr eyləməsəm, Gəlməsin kəlmeyi-tovhida dilim, ey güli-al! Nəfəsim qətdir, ayineyi-rüxsarüvi tut, Ta müşəxxəs ola, ey gül, sənə keyfiyyəti-hal. Ey deyən, bal deməklə ağız olmaz şirin; Niyə bəs zikri-ləbiylə mənə var ləzzəti-bal. Sənəma, xali-tərindirmi zənəxdanında, Ya, durubdur tərəfi-çeşmeyi-Zəmzəmdə Bilal? Bilməz ol tifl hələ şiveyi-məşuqəligi, Şiri-madər təki qanını bilir, leyk, həlal. Katibi-sün çəkər tərhi-qaşın peyvəstə, Ya hər ay başı düşər çərxə qaşından bu misal? Seyyida, çəkmə əbəs bari-əmanət qəmini, Çək əyağ, iç meyi-gülfamı, degilsən həmmal. * * * Gülşənlər içrə gər açıla səd həzar gül Gülşənlər içrə gər açıla səd həzar gül, Sənsiz, gülüm, gəlir gözümə nişi-xar gül. Sənsiz, təsəvvür etmə, gedim seyri-bağə mən, Səhni-çəməndə gər açıla hər bahar gül. Döndərdi bülbülün ürəgin qanə, aqibət Öz tutduğu işindən olub şərmsar gül. Gər kəsməsəydi bülbüli-zarın qərarını, Olmazdı aqibət özü həm biqərar gül. Aşiq çəkərdi gülşənə müjgan ilə həsar, Gər göstərəydi bülbülə bir etibar gül. Gör zülm payəsin ki, şəhi-müstəqil ikən, Təxtindən oldu beş gün içində kənar gül. Bir gülüzar toprağıdır kim, nümüvv edər Hər xakdən ki, çöhrə qılır aşkar gül. Zülfü rüxün xəyalı ilə zövqlər edər, Həmdəm olubdu Seyyidə leylü nahar gül. * * * Nə bu gün bağdə yarım, nə meyim var mənim Nə bu gün bağdə yarım, nə meyim var mənim, Seyri-gülzardə bihudə nəyim var mənim? Sizi tari yetirin piri-xərabətə məni Ki, bu gün saqi əlindən gileyim var mənim. Mənə məcuni-meyi-ləli dəvadır, saqi, Ki qəmi-hicr ilə cismimdə keyim var mənim. Can sənin, cism sənin, əmr sənin, fel sənin, Cümlə sənsən, bu arada nə şeyim var mənim? Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm dəxi məsciddə nəyim var mənim? * * * Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam, Hər sözdə bir dilim tutulub, natəvan olam. Ta sənsiz özgələr üzünü görməsin gözüm, Gözlərdən istərəm dəhənin tək nihan olam. Guya qəfəsdə bülbül olur zağə həmnəfəs – Sənsiz əgər ki, həmdəmi-huri-cinan olam. Bir zəxm urub ötüşmə səni tari, ey sənəm, Qorxum budur bu zərbət ilə nimcan olam. Ya rəb, nəsib qıl mənə Seyyid tək ol günü – Kim, növki-tiri-qəmzeyi-yarə nişan olam. * * * Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim, Nə vəslə dəstrəs, nə fərağında taqətim. Çox həsrətəm dübarə görüm bir cəmalüvi, Vahəsrəta, könüldə qala gər bu həsrətim. Yetməz əlim nə çarə düşəm xaki-payüvə, Bir-bir deyim sənə ələmü dərdü mehnətim. Eşqin məriziyəm, məni eylər bu qəm həlak, Darüşşəfayi-vəslüvə var indi hacətim. Əzbəs ki, vəsl təşnəsiyəm, çeşmeyi-bəqa Şəhdi-zülalın olmasa etməz kifayətim. Bilməm nədir fəqih deyən məhşəri-əzim, Hər gün ki, görməsəm üzün, oldur qiyamətim. Duzəx səninlə xüldi-bərindən ziyadədir, Sənsiz behişt içində olur çox üqubətim. Qurbanın eylə, qoy dolanım başuva məni, Bundan ziyadə hicrüvə yox istiqamətim. Bir qəmzə ilə Seyyidi qıl şöhrəti-cahan, Yetsin səmayə ta əsəri-cahü rüfətim. * * * Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim. Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim. Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim. Həsrəti-silsileyi-zülfi-pərişanın ilə Piçü xəmlər çəkib, ey şux, pərişan gəldim. Sanma kim, əbri-siyəhdən tökülürdü baran, Mən idim, ey güli-rəna, gözü giryan gəldim. Nə üçün verməmişəm vəsl günü canı sənə, Gərçi gəldim, bu xəyal ilə pəşiman gəldim. Yoxdu bir kimsə ki, qəmdə edə halımı sual, Məni-bidil ki, belə bisərü saman gəldim. Muri-avarə idim, daməni-səhranı gəzib, Bildim Aqabəgi aləmdə Süleyman, gəldim. Şükr, Seyyid, gedirəm kami-dil ilə bu səfər, Gərçi bu dərgəhə hər sal firavan gəldim. * * * Məni hər kim edib ol mahliqadən məhrum Məni hər kim edib ol mahliqadən məhrum, Görüm olsun onu əltafi-xudadən məhrum. Qönçeyi-dil nə vəsaitlə güşayiş tapsın, Gülşəni-eyşim olub badi-səbadən məhrum. Qoydu suzan, edib ol saiqeyi-hüsnü cəmal Nəxli-ümmidimizi nəşvü nəmadən məhrum. Tutmayan aləm ara piri-müğan damənini, Vadiyi-qəmdə qalır rahnümadən məhrum. Sındı səndən, dəxi dil naləvü fəryad etməz, Çini olmazmı şikəst, olsa sədadən məhrum? Gəlmişəm kuyüvə yüz səy ilə can vermək üçün, Məni qaytarma, Xəlilim, bu Minadən məhrum. Qədrini bilməsən ol Kəbeyi-hüsnün, Seyyid, Eyləsin həq səni aləmdə səfadən məhrum. * * * Girib həmmam ara dildarı gördüm Girib həmmam ara dildarı gördüm, Təcəlladən əyan didarı gördüm. Bədən su içrə, baş sudən kənarə, Su içrə şölə çəkmiş narı gördüm. Dağıtdı kakilini şanə hər yan, Pərişan nafei-tatarı gördüm. Nəhan oldu pəri tək xəlvətində, O xəlvətdə olan əsrarı gördüm. Gözüm düşdü o badami-düməğzə, Dolu badamdən anbarı gördüm. Sulandı şərbəti-şəkkərdən ağzım, Bürəhnə çün süreyni-yarı gördüm. O zülfü, Seyyida, qıldı həmayil, Sənin boynunda mən zünnarı gördüm. * * * Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm, Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm. Qoy rəqib etsin mənə əfzun cəfa kim, hər zaman Bir şikayətçün gedib yar ilə göftar eylərəm. Padşahım, sən məni tək qıl qəbuli-xidmətin, Mən gədayi-kuyin olmaqdan məgər ar eylərəm? Qeyr ilə görmək düşər yadimə, ölləm rəşkdən, Hər zaman kim, kuyi-yarə əzmi-didar eylərəm. Sordum əsrari-dəhanın dün o şəkkərləb dedi: Seyyida, aləmdə mən yoxdan sözü var eylərəm. * * * Aşiqəm, aşiqəm nigarə qəsəm Aşiqəm, aşiqəm nigarə qəsəm, O siyəhçeşmi-pürxumarə qəsəm. Ruzgarım qaraldı zülfün tək, O səri-zülfi-müşkbarə qəsəm. Eşqüvə, ey nigar, məcburəm, O gedən əldən ixtiyarə qəsəm. Çəkmərəm hiç damənindən əl Verməsən kam, kirdgarə qəsəm. Ağlaram ol qədər ki, qərq olusan, Lücceyi-çeşmi-əşkbarə qəsəm. Mənə təlx etdi ömrü hicranın, Ləzzəti-zövqi-vəsli-yarə qəsəm. Qaşın, ey zülfü qarə, qətlim edər, O ikibaşlı Zülfüqarə qəsəm. And içib Seyyid aşiqin oldu, Müshəfi-hüsnüvə dübarə, qəsəm. * * * Ta o mahın xətü xalinə nigah eyləmişəm Ta o mahın xətü xalinə nigah eyləmişəm, Günümü eşqlə aləmdə siyah eyləmişəm. Lərzə eylər bədənim kureyi-simab kimi Ki, baxıb ayineyi-hüsnünə ah eyləmişəm. Göz yaşilə ləbi-dildardən aldım busə, Su qatıb badeyi-gülfamə günah eyləmişəm. Çox da nadan degiləm, anlamayım xeyrü şərim, Meyə sərf etməyən ovqatı təbah eyləmişəm. Neylərəm ayü günü, tək meyim olsun, ərəqim Ki, bunu mehri-dirəxşan, onu mah eyləmişəm. Öpmüşəm gün kimi mən xaki-dəri-dildarı, Hər zaman kim, tələbi-rüfətü cah eyləmişəm. Aləmin dərdü qəmindən xəbərim yox, Seyyid, Mən ki, meyxanəni illərdi pənah eyləmişəm. * * * Dedim ki, yarə qəmi-hicr dasitanı yazım Dedim ki, yarə qəmi-hicr dasitanı yazım, Məlalü dərdi-dili-zarü natəvanı yazım. O şahbazi-büləndaşiyanə bir dil ilə, Bu hali-bismili-viranəaşiyanı yazım. Gözüm qarasını həll eləyib midad içrə Bu intizari-dilü çeşmi-xunfəşanı yazım. Yazım o səngdilə şərhi-firqətin, yoxsa Zəmanə dərdimi, ya qüsseyi-cahanı yazım. Nə firqətin, nə zəmanə qəmin, nə qüssəsini, Nələr ki, başıma hicrində gəldi anı yazım? Fəraqi-ləli-ləbində o sərvi-lalərüxün, Qəmində gözdən axan qətrə-qətrə qanı yazım. Zibəs təpidələnir mübtəla könül, qoymaz Ki, ol pərivəşə mən hali-cismü canı yazım. Məbadə can çıxa, Seyyid, gedə bu namə ilə, Gərək bu naməni candan ona nihani yazım. * * * Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim, Əhli-eşqi səri-kuyində fəda görmüş idim. Kəbeyi-kuyin idi səcdəgəhi-əhli-səfa, Taqi-əbrulərüvi qiblənüma görmüş idim. Kimə sən qəhr ilə düşnam verəydin, ey şux, Əvəzində sənə mən xeyr-dua görmüş idim. Manim ol hüsni-cahansuz ki, məşuqumdur, Səndən, ey dilbəri-xurşidliqa, görmüş idim. Çini-zülfündə ki, bənd idi dili-pürxunum, Nəkhət ilə onu mən müşki-Xəta görmüş idim. Məzhər olmadı yüzün pərtövi-şəmsi-əzələ, Mən səni məzhəri-ənvari-xuda görmüş idim. Hüsni-yari-əzəl olmuşdu çü səndən zahir, Seyyidin eşqini ol hüsnə rəva görmuş idim. * * * Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm, Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm. Qayəti-rəşkim təmaşa qıl ki, qanımdan keçib, Qeyri qanın tökməgə ol şuxi mötad eylərəm. Sən, könül, fürsət tapıb ol yarə qurban kim, sənə Gər əlimdən gəlsə, billah mən də imdad eylərəm. Mətləbim bir gecə əfğanım yetirməkdir sənə, Bunca kim, ey mah, cövründən sənin dad eylərəm. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib, Şami-hicran könlümü bu növ ilə şad eylərəm. Seyyidi-bəxti-qəranı gər “Bilalımdır” desən, Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm. * * * Şəbi-hicran o qədər naləvü əfğan etdim Şəbi-hicran o qədər naləvü əfğan etdim, Ta ki, çeşmi-fələki halıma giryan etdim. Görcək ol surəti-zibanı özümdən gedibən, Surəti-halıma surət kimi heyran etdim. Bu təmənnadə idim kim, ola can qurbanın, Şükr lillah ki, axır sənə qurban etdim. Eylədim dərdü qəmi-hicrə ölümdən çarə, Gör nə asan bu qədər müşgülə dərman etdim. Ta dedim aşiqinəm qəhr ilə tökdün qanım, Aşiq oldum sənə, ey mah, məgər qan etdim?! Oldu qətlimdə pəşiman, pəşimanəm kim, Nalə ilə özüm ol mahı pəşiman etdim. O qədər ağladım ol mah qəmindən, Seyyid, Aqibət Nuh kimi aləmə tufan etdim. * * * Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm, Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm. Gəh gözün yadilə könlüm dərd ilə bimardır, Gəh ləbi-ləlin xəyalindən dolu qandır gözüm. Gəh gözüm əhvalına könlüm qılır fəryadlər, Gah könlüm dərdinə suz ilə giryandır gözüm. Dövri-çeşmi-əşkbarımda səfi-müjkan degil, Ol pərinin oxlarından dolu peykandır gözüm. Yardən ayrıldı, bilməz şami-hicran halını, Seyyidi-biçarə əhvalinə heyrandır gözüm. * * * Siyah zülfün olub ruyüvə niqab dedim Siyah zülfün olub ruyüvə niqab dedim, Bu gün genə tutulub, ey məh, afitab dedim. Dəhani-yar ki, bir nöqtədir, nədir sirri, Vücuda gəldi, bu yox vəsfi bir kitab dedim. O xətti-ruyinə zülfi əlaqəsi gətirib, Həbəş sipahına rəhbər olub qürab dedim. Dedim şərab ləbi-ləlüvi, zəhi-xiclət, Nə məstlikdi bu kim, mən şərabə ab dedim. Rəvadi qan ola dil, ey cəmalı xurşidim, Ləbi-lətifüvi nisbətdə ləli-nab dedim. O ruhi-əzəmi kəmtər cəmada bənzətdim, Məsihə töhməti mən xanimanxərab dedim. Həvəslə şərh elədim arizin gülüstanın, Behişti-həşt-dəri xəlqə bab-bab dedim. Xəyali-vəslin ilə pür görüb dili-zarı, Dolub həvayi-məhəbbətlə bir hübab dedim. Rəqibi yar ilə görməkdən ölməgim xoşdur, Amandı qanımı tök, eylə bir səvab, dedim. Ləb üstə xalını gördüm o növsərin, Seyyid, Qonubdu şəkkərə bir bəxtəvər zubab, dedim. * * * Neçə rədifi-qəzəl etdim intixab, dedim Neçə rədifi-qəzəl etdim intixab, dedim, Nəzireyi-şüərayi-fələkcənab dedim. Olar ki, hər biri bir afitab-rəxşandır, Bu zərrə ta ola xurşidə intisab, dedim. Nəzireyi-qəzəli-Cürmiyə edib iqdam, Həzar cürmü qüsur ilə bir cəvab dedim. Hicab eyləmədim göfteyi-Sürəyyadən, Cəvab ol əxtəri-tabanə bihicab dedim. Müniri nəyyiri-əzəmdi çərxi-nəzm üzrə, Nə eybi, gər onu nisbətdə afitab dedim. Cigərdə daği-nihan bir cavab Dilxunə, Xəcalət atəşinə dil olub kəbab, dedim. Könüldə var nihan iştiyaq Müştaqə, Olur ki, bir gün ola vəslə fəthi-bab, dedim. Ümid var ki, edə əfv cürmümü Cürmi, Xətalərimi bilib, Seyyida, cəvab dedim. * * * Əl çatsa fəda canımı cananə edərdim Əl çatsa fəda canımı cananə edərdim, Şəmi-rüxünə könlümü pərvanə edərdim. Ey zahidi-bizövq bu məscid ki, sənin var, Olsaydı mənim, mən onu meyxanə edərdim. Minbər əvəzi onda qoyardım xümi-badə, Vəqf ol xüm üçün bir neçə peymanə edərdim. Bir tarə düzərdim neçə yüz daneyi-əngur, Anı əvəzi-səbheyi-səddanə edərdim. Meydən ötürü əkmək üçün tak yerində, Hər yerdə ki, var mədrəsə viranə edərdim. Düşsəydi nəhani əlimə bəççeyi-zahid, Heç onda bilirsənmi ki, aya, nə edərdim. Seyyid tək edib vəsf pərilər xətü xalın, Bu vəzlə aləmləri divanə edərdim. * * * Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim, Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim. Dolsa aləm xublərdən istəməm, zira ki, sən Xublərdən, sevdigim, ziba nigarımsan mənim. Gah alırsan canımı, gahi verirsən can mənə, Sən məgər kim, ey büti-tənnaz, tarımsan mənim. Gəlmə nəşim üstə versəm həsrətindən can əgər, Qeyrilər ta olmasın agəh ki, yarımsan mənim. Başımın tacı qübari-məqdəmindir, ey sənəm, Sən səriri-izzət üzrə tacdarımsan mənim. Seyyidi-sərgəştə tək miskin gədayəm, leyk sən, Sərvərim, şahım, pənahım, hər nə varımsan mənim. * * * Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim, Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim. Pəşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər, Bahari-ömrdə mey ülfətindən ictinab etdim. Meyi-nab ilə abad eylədim, səd şükr, can mülkün, Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim. Ləbin şövqilə, ey məh, asitanın daşların hər gün Töküb xunabə gözdən hər birin bir ləli-nab etdim. Şəhid oldun könül, axırda ol xunxar tiğindən, Bihəmdilləh ki, Seyyid tək səni həm kamyab etdim. * * * Əgərçi sənsiz olur əhli-eşqə badə həram Əgərçi sənsiz olur əhli-eşqə badə həram, Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam. Həmişə dildə ləbin şövqidir, gözün fikri Ki, rindi-meykəşə lazımdı şəkkərü badam. Səfayi-kuyüvə ehram bağlayan aşiq, Yeri var etməsə, ey şux, Kəbə içrə məqam. Hədisi-rövzə bəyan eyləyirsən, ey vaiz, Cəmali-yarıma bir bax, sözün miyani-kəlam. Özünü bir gecə oxşatdı arizi-yarə, Bu vəchdəndi ki, nöqsanə düşdü mahi-təmam. Görüb üzarını zülfi-siyəh civarında, Dedim səvadi-İrəmdir, bu ol həvaliyi-Şam. Yetişdi cənnəti-kuyinə axır ol hurün, Qutardı Seyyid özün, vəssəlam, vəl-ikram! * * * Ey gül, sənə əvvəldə xəridar mən oldum Ey gül, sənə əvvəldə xəridar mən oldum, Axır nəzərində hamıdan xar mən oldum. Aldım səni can nəqdinə, ey Yusifi-sani, Eşqində Züleyxayi-diləfkar mən oldum. Eşqim məni əngüştnüma qıldı cahanə, Ey qaşı hilalım, sənə ta yar mən oldum. Verdim, sənəma, ayineyi-hüsnüvə seyqəl, Aləmdə sənə rövnəqi-bazar mən oldum. Bir Kəbə idin, hiç ziyarət edənin yox, Gəldim, dolanıb başuva zəvvar mən oldum. Sinayi-səri-kuyüvə gəldim “ərini” gu, Ey nuri-xuda, talibi-didar mən oldum. Hər bülhəvəsə indi nəsib oldu visalın, Seyyid kimi hicranə giriftar mən oldum. * * * Saqi, mey ver, genə bir tazə günah istəyirəm. Saqi, mey ver, genə bir tazə günah istəyirəm. Qara göz, nameyi-əmalı siyah istəyirəm. Nədi xətdən bu hicabın, götür ol bürqəni kim, Etməgə nameyi-əmalı təbah, istəyirəm. Bikəsü dərbədərəm püştü pənahım yoxdur, Özümə lütfi-xudavəndi pənah istəyirəm. Asitanən itinə istəyirəm həmdəm olam, Maşallah, nə gözəl rütbəvü cah istəyirəm! Qərəzim xaki-dəri-yarə gədalıqdı mənim, Mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm. Mehrim artar sənə rüxsarüvə gəldikcə xətin, Daim ol bağdə mən mehrü giyah istəyirəm. Çağırın Qeys ilə Fərhadı yığılsın başıma, Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm. * * * Bağ içrə gəlib yarımı əğyar ilə gördüm Bağ içrə gəlib yarımı əğyar ilə gördüm, Qan oldu könül kim, o gülü xar ilə gördüm. Eşq içrə mənə rövnəqi-bazar pozuldu, Ol Yusifi bir qeyr xəridar ilə gördüm. Viranə könül bir dəxi abad ola bilməz, Kim, gənci-nihanımı bu gün mar ilə gördüm. Peykanlarına eylədi könlümü nişanə, Əltafını, əlhəq, bu dili-zar ilə gördüm. Ol mahə qərin olmuş idi guşənişinlər, Sabitləri ol kövkəbi-səyyar ilə gördüm. Ey kaş olaydı bu təmaşadə gözüm kur, Biganələri gülşən ara yar ilə gördüm. Qönçə kimi könlüm dönəcək qanə ki, Seyyid, Ol novgülü bir özgə xəridar ilə gördüm. * * * Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm, Eydi-vüsalın istərəm, meyli-cəmalə düşmüşəm. Kövkəbi-bəxtimin kəsib rahını nəhs yulduzu, Ey məhi-bədr, qıl nəzər, gör nə vəbalə düşmüşəm. Gəlmədi aftabımız, keçdi nahar nisfdən, Gör ki mən, ey fələk, bu gün bir nə zəvalə düşmüşəm. Dün demişəm dəhanüvi nöqtə, vəleyk, yox yerə Nüktəşünaslər ara qilü məqalə düşmüşəm. Dün olub özgə nəhv ilə ömr zəmani-mazidə, Halıma indi hali ol, bil ki, nə halə düşmüşəm. Aşiq olub dəhanüvə həlqeyi-”mim”ə dönmüşəm, Zülfüvə iştiyaq ilə surəti-”dal”ə düşmüşəm. Sirri-dəhani-yarı mən istəyirəm, şüur yox, Sandım ədəm vücud olur, fikri-məhalə düşmüşəm. Can verib almaq istərəm busə dəhani-yardən, Bu yoxü vardən keçib, gör nə xəyalə düşmüşəm. Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm, Nöqteyi-əvvələm, vəli, növbədə dalə düşmüşəm. * * * Bir Leyli sevib eşqdə sövdalərə düşdüm. Bir Leyli sevib eşqdə sövdalərə düşdüm. Məcnunə dönüb daməni-səhralərə düşdüm. Sövdayi-səri-zülfdə sərmayəmi verdim, Sud eyləmədim, gör necə sövdalərə düşdüm. Bir tifli-səğir aldı mənim əqlimi əldən, Ey pir könül, gör qəmi-kübralərə düşdüm. Hər canibə bax, bir büti-hərcayi görərsən, Hər yerdə əcəb töhməti-bicalərə düşdüm. Sənani olub, bir büti-tərsa tələbində Hərdəm həvəsi-deyrü kəlisalərə düşdüm. Şayəd gətirəm damənə ol dürri-yətimi, Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm. Ta ki, bir əlin öpmək üçün piri-müğanın Saqinin əyağından öpüb palərə düşdüm. Əksi-rüxüvü sağəri-səbhadə görən dəm, Bitab oluban özgə təmənnalərə düşdüm. Bildi məni nadan, elədi pənd xəlayiq, Səd şükr ki, Seyyid, dili-danalərə düşdüm. * * * Vəslində idim möhnəti-hicranı bilirdim Vəslində idim möhnəti-hicranı bilirdim, Cənnətdə ikən atəşi-niyranı bilirdim. Qafil o səri-zülfüvə dil vermədim, ey gül, Əlbəttə ki, bu hali-pərişanı bilirdim. Hərçənd ki, bimar gözün xəstəsi oldum, Mən olmayacaq dərdimə dərmanı bilirdim. Vəslində əgərçi neçə gün şad idim, ey məh, Mən kineyi-bu gərdişi-dövranı bilirdim. Ol gün ki, qədəm şövq ilə bu gülşənə qoydum, Mən sərzənişi-xari-müğilanı bilirdim. Müşgüldü dəxi aqibəti-kar ola məhmud, Ağazdə bu möhnəti-payanı bilirdim. Ol gün ki, dilə düşdü sənin şövqi-dəhanın, Mən onda olan nükteyi-pinhanı bilirdim. Zülfün anıban sureyi-”Vəlleyl” oxuyurdum, Mən hər gecə bu məniyi-quranı bilirdim. Yadə salıban ruyüvi “Vəşşəms” oxurdum, Keyfiyyəti-xurşidi-dirəxşanı bilirdim. Mən bilməz idim sureyi-ixlasdan özgə, Tövhidi-xudavənddə mənanı bilirdim. Seyyid, bu qəzəl mətləin etdikdə sən inşa, Zimnində olan rəmzi, müəmmanı bilirdim. * * * Ta kuyi-yardə özümə mənzil etmişəm Ta kuyi-yardə özümə mənzil etmişəm, Asan ikən özüm işimi müşkül etmişəm. Bir qətrə qan oğurlamışam tiği-yardən, Sinəmdə vermişəm yer, adın mən dil etmişəm. Verdim qəmində xirməni-ömrümü badə mən, Pərvanə tək o xalını mən hasil etmişəm. Dün gecə şürbi-badəni mən tövbə eylədim, Saqi, bağışla, səndən işi qafil etmişəm. Zülfi-siyahi-yar xəyalilə, zahida, Təsbih qəsdinə özümü mail etmişəm. Sərməstlikdə söyləmişəm mey həramdır, Hökmi-xətadı bu, əməli-batil etmişəm. Seyyid, cahanda kəsrəq ilə yox rücumuz Kim, bəhri-vəhdətə özümü vasil etmişəm. * * * Ey könül, sərvi-səməndə sən idin, ya mən idim? Ey könül, sərvi-səməndə sən idin, ya mən idim? Yar ilə seyri-çəməndə sən idin, ya mən idim? Cilveyi-nazdə ol şahsüvarı görcək, Yıxılan payi-səməndə sən idin, ya mən idim? Zülfi-tarini qılan boynuva zənciri-cünun, Olmayan tarıya bəndə sən idin, ya mən idim? Gəh sənə yümni-yəmin var idi, gəh yüsri-yəsar. Ləli zövqilə Yəməndə sən idin, ya mən idim? Hüsni-rüxsarına kam ilə qılan nəzzarə, Dövləti-vəchi-həsəndə sən idin, ya mən idim? Zülməti-xətlə görən tirə üzari-mahın, Yüz qəra günlə vətəndə sən idin, ya mən idim? Seyyida, şeri-gühərbar edərdin xahiş, Talibi-dürr Ədəndə sən idin, ya mən idim? * * * Səndən ötrü neçə müddətdi məlamət çəkirəm Səndən ötrü neçə müddətdi məlamət çəkirəm, Tiflsən, sən nə bilirsən ki, nə möhnət çəkirəm. Çərxi-dəvvar ilə yerdən gögə vardır fərqim, O çəkə bilmədi, mən bari-əmanət çəkirəm. İstəməzsən, dedim, ey mah, qübari-qədəmin? Dedi: rövşəndi bu, yerdən gögə minnət çəkirəm. Pərdeyi çeşmimə mümkündü çəkəm surətüvi, Mərdümi-didə rüxün görməgə qeyrət çəkirəm. Etdi ayineyi-rüxsarüvi axır tirə, Çəkdigim ahlərə indi xəcalət çəkirəm. Yar olub özgələrə yar, çəkir zövqü səfa, Düşmüşəm mən quru böhtanlara töhmət çəkirəm. Dedilər öldürəcək yar səni, ey Seyyid, Tanrı şahiddi ki, bu xeyr işə həsrət çəkirəm. * * * Əsiri-dərdü qəmi-hicri-canşikar oldum Əsiri-dərdü qəmi-hicri-canşikar oldum, Nədən ki, qorxur idim mən ona düçar oldum. O gülüzardən axır məni ayırdı fələk, Baharım oldu xəzan, mübtəlayi-xar oldum. Olubdu təhti-fələk təng beytül-əhzanım, Fəraqi-Yusif ilə xakü xaksar oldum. Dönüb kənarələrim rudi-Nilə əşkimdən, O vəqtdən ki, mən ol mahdən kənar oldum. Ayırdı Yusifi məndən bəradərani-qəyur, Bəlayi-hicrdə mən zarü biqərar oldum. Nə cürm etmiş idim, ey xudayi-pakü əhəd, Yanıb fəraq oduna mən əsiri-nar oldum. Yeriydi yaxsa məni çərx narə, ey Seyyid, Ki, bivəfalərə mən çün ümidvar oldum. * * * Alanda dəstinə ol şuxi-gülüzar qələm Alanda dəstinə ol şuxi-gülüzar qələm, Əlindən olmağını istəməz kənar qələm. Qələm özü-Xütən ahusudur və yainkim, Həvayi-zülfü ilə oldu müşkbar qələm. Öpərdim əllərini ol qələmqaşın mən də, Məni edəydi əgər xəlq kirdgar qələm. Dəhanı ilə qələm başın etdn pak o gül, Yetişdi çeşmeyi-heyvanə Xızrvar qələm. İki dil açdı ki, vəsf eyləsin o gülbədəni Fəzilətü hünərin etdi aşkar qələm. Kəsəydi başımı tiği-cəfa ilə hər dəm, Xəyal edəydi məni kaş ol nigar, qələm. Qaşını çəkməgə əsbab olmasa, Seyyid, Əzəldə etməz idi xəlq kirdgar qələm. * * * Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm, Salmanam gövhəri xak içrə, nihan eyləmənəm. Bilmənəm sud özümə çarsuyi-aləmdə, Hansı bir sudi ki, eşqində ziya eyləmənəm. Ləbi-ləlinlə ki, bir sirri-nihanım var idi, Gedərəm xakə mən ol sirri bəyan eyləmənəm. Qanımı tökdü ləbin, dişlədim axdı qanı, Elə bildin, sənəma, qanıma qan eyləmənəm. Qorxuram yatmayalar itləri fəryadımdan, Gecələr mən dəxi ol kudə fəğan eyləmənəm. Sirri var, annamışam, yoxdu dəhanından əsər, Mən yəqin əhliyəm, əlbəttə, güman eyləmənəm. Hansı bir fəsldi kim, ey güli-rəna, sən üçün Gözümü əbr kimi əşkfəşan eyləmənəm. Hansı bir sərvdi kim, qamətüvün yadı ilə Qoparıb əşkim ilə, suya rəvan eyləmənəm. Seyyida, bəsdi dilə eşqi-xudavəndi-əhəd, Meyli-xubani-dilazari-cahan eyləmənəm. * * * Özümlə olsa idi, mən cahanə gəlməz idim Özümlə olsa idi, mən cahanə gəlməz idim, Gətirdilər məni, amma mən anə gəlməz idim. Bu dami-eşqə məni saldı daneyi-xalın, Firib verməsə idi o danə, gəlməz idim. Görünməsəydi əgər hər məkanda nuri-rüxün, Fəzayi-qüdsü qoyub, bu məkanə gəlməz idim. Dəhani-yardən olsaydı bir əsər zahir, Yəqini tərk qılıb, mən gümana gəlməz idim. Qədimi eylər idim dərd ilə qəmində kəman, Xədəngi-çeşmüvə, bilsəm, nişanə gəlməz idim. Bəhanə ilə yetərmiş vüsalə aşiqlər, Və gər biləydim onu, bibəhanə gəlməz idim. Olaydı zatım əzəldən əgər zəri-xalis, Yanıb bu butə ara imtahanə gəlməz idim. Bu zövqdən eləmə, bağban, məni məyus, Gülüm olaydı əgər, gülsitanə gəlməz idim. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid, Ümidi-mərhəm ilə mən fəğanə gəlməz idim. * * * Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum, İçib vəhdət şərabından belə məxmurü məst oldum. Zibəs ki, yağdı daşlar başıma bu çərxi-minadən, Dürüst ikən pozuldum, sağəri-mey tək şikəst oldum. Təcəllayi-cəmalın məscidü meyxanədə gördüm, Gəhi məsciddə abid, deyrdə gəh bütpərəst oldum. Əyağ aldım ələ, başıma çəkdim naz ilə sağər, Ayağın sədqəsi, saqi, ki mən bipavü dəst oldum. Nişimən etmiş ikən qafi-üzlət üzrə ənqa tək, Həvayi-daneyi-xalınla damə paybəst oldum. Ədəm məmurəsində rahət ikən eyni-vəhdətlə, Düşüb eyni-zəvalə aləmi-kəsrətdə həst oldum. Ziyai-şəms tək düşdüm o kuyi-dilbərə, Seyyid, Yetişdim rütbeyi-ülyayə, fikr etmə ki, pəst oldum. * * * Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim, Vəsli-meracı ilə ərşi-müəlladə idim. Yuxu əhvalı gəlir indi mənə şami-visal, Haləti-ləfzədə, ya bu gecə röyadə idim. Ləbi-camə yetişirdi, ləbi-ləli o gülün, Mən ləbi-camı öpüb özgə təmənnadə idim. Sağərim cami-qəvarir, şərabım kövsər, Həmdəmim hur, özüm cənnəti-məvadə idim. Yar açmışdı lətafətlə bu şəb sinəsini, Qərqi-nur olmuş idim, sineyi-Sinadə idim. Nəqşdən pey aparırdım bu gecə nəqqaşə, Seyri-qüdrət eləyib özgə tamaşadə idim. Həlqeyi-zülfdə rüxsari-münirin görübən, Naziri-mahi-münəvvər şəbi-yeldadə idim. Dəhənin açmağa ol yar qılırdım tədbir, Sübh olunca həvəsi-kəşfi-müəmmadə idim. Çox baxırdım dəhəni yarə, nihani, hərdəm, Çareyi-fikri-dili-Seyyidi-dildadə idim. * * * Gördüm ki, gəlir təngə nigarım, səfər etdim Gördüm ki, gəlir təngə nigarım, səfər etdim, Sevdalərə saldım başımı, tərki-sər etdim. Asudə ola bir neçə gün nazlı nigarım, Əlmas basıb bağrıma vəzi-nəzər etdim. Avarə düşüb cənnəti-kuyindən o hurün, Öz mənzilimi göz görə nari-səqər etdim. Çox müşkül idi keçməgim ol cənnəti-kudən, Canımı tutub gör dişə, ey dil, cigər etdim. Ta olmaya qeyrin gözünə sürmeyi-rövşən, Xaki-səri-kuyinə töküb əşk, tər etdim. Çox gecələri zəmzəmeyi-yar ilə, ey dil, Guşi-fələki-şöbədəpərdazı kər etdim. İncitdi fəğanım gecələr əhli-diyarı, Ta bir neçə gün əzmi-diyari-digər etdim. Verdim dilü can nəqdini, aldım qəmi-eşqi, Fikr etmə bu sevdadə ki, Seyyid, zərər etdim. * * * Ey nuri-səmavatü zəmin, gərçi nihansan Ey nuri-səmavatü zəmin, gərçi nihansan, Amma nəzəri – arifü danadə əyansan. Batin gözünün yox səni görməkdə qüsuri, Zahir gözü görməz səni, əlbəttə, nihansan. Zatın eləyib cümleyi-əşyadə təcəlla, Musa közünə turi-həqiqətdə əyansan. Bir Adəmü İsadə degil nəfxeyi-ruhun, Aləm hamı qalibdi, sən ol qalibə cansan. Kəssən nəzəri-feyzüvi bir ləhzə cahandan, Nabud olur aləm, sən ona ruhi-rəvansan. Gəh badi-səba tək verisən gülşənə rövnəq, * * * Gəh soldurusan gülləri, sən badi-xəzansan. Gəh soldurusan gülləri, sən badi-xəzansan. Sən qaimi-bizzatsən, aləm hamı bilğeyr, Xəllaqi-səmavatü zəmin, kövnü məkansan. Minbir adının hər biri bir aşiqə munis, Tapmaz səni bir kəs, genə binamü nişansan. Ey Seyyidi-pir, eylə meyi-vəhdətə rəğbət, İstərsən əgər olmağa həmvarə cavan, sən? * * * Əyan gözlə baxan şəxsə nihansan Əyan gözlə baxan şəxsə nihansan, Nihan gözlə baxan zatə əyansan. Desəm pinhansən, hər yan əyansan, Desəm ki, mən əyansən, yox nihansan. Münəvvər etmisən cümlə cahanı, Məgər sən afitabi-asimansan? Özün həm rahsən, həm rahzənsən, Özün həm düzdsən, həm pasibansan. Adındır zərrü nafe, ey nigarım, Gəhi üşşaqə sudü gəh ziyansan. Səninləndir xəzanım, həm baharım, Vəli sən nə baharü nə xəzansan. Yelə verdin şəmimi-tari-zülfün, Nəsimi eylədin ənbərfəşan sən. Sən oldun Seyyidin lütfündə zahir, Əyan oldun ki, sən gənci-nihansan. * * * Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin, Söyləsin bülbül üçün bağü gülüstan xəbərin. Ey səba, ey sənə bu ruhi-rəvanım qurban, Qümriyi-zarə gətir sərvi-xuraman xəbərin. Zülməti-qəmdə Skəndər kimi qaldım heyran, Yetir ey Xızr, mənə çeşmeyi-heyvan xəbərin. Ey kəbutər, aparıb nameyi-dərdi-dilimi, Həm məni-zarə gətir ol məhi-taban xəbərin. Hanı bir qasidi-Fərrüxsiyərü İsadəm – Ki, yetirsin təni-biruhumuza can xəbərin. Cani-şirin mənə təlx oldu qəmi-hicrandan, Vermədi kimsənə ol xosrovi-xuban xəbərin. Seyyida, canımı nəzr etmişəm ol qasidə kim, Verə mən aşiqi-dilxəstəyə canan xəbərin. * * * Dözməyib hicrə, könül, hər gecə fəryad etdin Dözməyib hicrə, könül, hər gecə fəryad etdin, Axır ol mahı mənim qətlimə cəllad etdin. Zülfi-müşkininə dil verdin, o, qanın tökdü, Bu xəta düşdü özündən, mənə isnad etdin. İltifat eylədin əvvəl mənə şirin-şirin, Axır eşqində məni aləmə Fərhad etdin. Yox idi aşiqi-şeyda ürəgin qan etmək, Bunu da xublar arasında sən iycad etdin. Seyyidi-süxtəni atəşi-naz ilə yaxıb, Şəmi pərvanəni yandırmağa mötad etdin. * * * Neyləyim, məclis ara olsa da əğyar, olsun Neyləyim, məclis ara olsa da əğyar, olsun, Tək o güldən mənə bir fürsəti-didar olsun. Qayəti-şövqimi gör yarə ki, həngami-vida Rəşkdən mən deyə bilməm ki, xuda yar olsun. Hanı, ey ruhi-rəvan, qeyrəti-məşuqəligin, Qoyma kim, qeyr məni-zarə xəridar olsun. Bir əyağ ilə mənim könlümü aldın ələ sən, Görüm, ey saqiyi-gülçöhrə, əlin var olsun! Taki, sərməstdir eşq əhlinə lütf eylər yar, Saqiya, qoyma o bimehri ki, huşyar olsun. Ürəgim qanə dönüb, qüvvəti-təqririm yox, Yoxdur əhvalıma bir kəs ki, xəbərdar olsun. Bunca kim silsileyi-zulfüvü istər, Seyyid, Görüm ol damdə bundan da giriftar olsun. * * * Vaiz bu qədər zəmmini etməzdi şərabın Vaiz bu qədər zəmmini etməzdi şərabın, Bir bilsə idi ləzzətini badeyi-nabın. Meyxarələrin halına dəxl eyləməsəydin Zahid, səni cənnətlik edərdi bu səvabın. Şərbət içibən bəzmdə şirinlik olur kam, Vəsl aləmidir aqibəti bu şəkərabın. Ey cam, gəlir nəkhəti-cənnət nəfəsindən, Adəm gətirib yer üzünə, yoxsa, türabın. Ol-mah bizə vədeyi-təşrif edib axır, Ey didə, gəlir əvvəli-şəbdən niyə xabın? Hüsnün olub ol səbzeyi-xətdən dəxi ziba, Ey mahi-pəriçöhrə, nədəndir bu hicabın? Gər piri-müğan tutsa əlimdən, nola, zahid, Bir çakəri-dirinidi Seyyid o cənabın. * * * Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin, Axır ol zülfü mənim boynuma zəncir etdin. Ey könül, mən ki görüb yarı ayaqdan düşdüm, De görüm öz qəmini sən necə təqrir etdin? Arizi-yarımı, ey sanei-afaq, məgər Qərü ənbiqi-məhü mehr ilə təqtir etdin? Eylədin vədə ki, vəslin günü qanım tökəsən, Ey olum vədənə qurban, niyə təxir etdin? Baisi-nar dedin mehri-rüxin, ey vaiz, Gör behişt ayəsini sən nəyə təfsir etdin? Verdi dil ol sənəmin küfr səri-zülfündən, Zahida, sən niyə ancaq məni təkfir etdin? Səni ol gözləri xunxar salıbdır gözdən, Genə, ey Seyyidi-biçarə, nə təqsir etdin? * * * Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin, Zalım, nə oldu eylədi təxir, gözlərin? Məst idi, aldı xameyi-müjganı dəstinə, Fitvayi-qətlim eylədi təhrir, gözlərin. Seydi-hərəm həramdır, ey qibleyi-Səfa, Ahu şikarın etdi genə şir gözlərin. Qaşınla qətlim etməgə peyvəst oldular Əgrilər ilə eylədi tədbir, gözlərin. Zalım, diyari-eşqə Hülakuyi-tazasən, Olmaz bu qanlar içmək ilə sir gözlərin. Geysulər içrə etdi kəmin türki-məst tək, Şəbxunlar etdi könlümə şəbgir gözlərin. Etdin kəməndi-zülfüvü pürtab, ey pəri, Seyyid tək eylədi məni nəxcir gözlərin. * * * Ya rəb, kim olur ərzimi cananə yetirsin Ya rəb, kim olur ərzimi cananə yetirsin, Dərdi-dilim ol xosrovi-xubanə yetirsin. Xurşidə desin, zərreyi-sərgəştə məlalın, Pərvanə sözün şəmi şəbistanə yetirsin. Cəmiyyəti-dil kəsrəti-qəmdəndi pərişan, Bu halı o geysuyi-pərişanə yetirsin, Bu mürği-giriftari-qəfəs surəti-halın, Ol qönçeyi-novxizi-gülüstanə yetirsin. Məndən yetirib ol şəhə əcz ilə dualər; Xaki-qədəmin dideyi-giryanə yetirsin. Hər şamü səhər, virdi budur Seyyidi-zarın, Allah səni bir də bu Şirvanə yetirsin. * * * Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun, Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun. İlahi, qanə dönsün qeyr yadın eyləsə könlüm, Gözüm çıxsın, baxa sənsiz, əgər qilmanü hur olsun. Gözün yadilə könlümdə, əcəb yox, olmasa işrət, Nə mümkündür, gözüm, bimar olan evdə sürur olsun? Qüruri-hüsn edib, ey mişkxət, məndən kənar olma, Nədir nöqsan Süleymanə əgər həmbəzm mur olsun. Olub binur hicri-arizində dideyi-Seyyid, Üzündən dur olan gözdə nə mümkündür ki, nur olsun! * * * Cismdən can almağa gər olsa fərmanın sənin Cismdən can almağa gər olsa fərmanın sənin, Canə minnətdir olam, ey dust, qurbanın sənin. Gər tökərsən, ey Xəlilim, qanımı, qəm etmərəm, Qəm odur kim, gər bata ol qanə damanın sənin. Gəlmişəm can verməgə, ey şəh, Minayi-kuyüvə, Qanımı tök camə kim, olsun bu ehsanın sənin. Bir gülüstandır səri-kuyin açılmış gülləri, Qan ilə gülrəng olub gülbərgi-xəndanın sənin. Kəsrət içrə tapmışam mən dürri-kənzi-vəhdəti, Olmuşam hərçənd zülfün tək pərişanın sənin. Nəfydən isbatə gəl, ey dil, ki xakə nəss edə Qətrə-qətrə hərfi-”illəllah” al qanın sənin. Seyyida, gər canuvi cananə etməzsən fəda, Razı olmaz eşqdə səndən o cananın sənin. * * * O gün olsun ki, genə məclisə dilbər gəlsin O gün olsun ki, genə məclisə dilbər gəlsin Çıxıban bürcdən ol mahi-münəvvər gəlsin. Genə saqilər ələ badeyi-gülgun alsın, Bəzmə mina düzülüb, gərdişə sağər gəlsin. Bəzmi-işrətdə əgər yar ola, bir haləti var, Məst olub rəqs eləsin, haləti-digər gəlsin. Nuşbada!–ləb açıb badəni şirin etsin, Təlx mey zaiqeyi-canıma şəkkər gəlsin. Səhldir kim, edəsən qanımı su kimi rəvan, Tək sənin qaşlaruvun tiğinə cövhər gəlsin. Ey məni ol məhi-xurşidliqadən ayıran, Görüm aləmdə günün şamə bərabər gəlsin. Gərçi hicranda, könül, bəd keçinir əhvalın, Şükr qıl, olmaya bundan dəxi bədtər, gəlsin. Tövbə etdin meyi-gülfamdən, ey Seyyidi-zar, Hələ səbr eylə ki, fəsli-güli-əhmər gəlsin. * * * Kim ki, istər özünü sərvəri-əyyam eləsin Kim ki, istər özünü sərvəri-əyyam eləsin, Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin. Abi-Kövsərdə mənim hər nə nəsibim varsa, Döndərib rəbbim onu badeyi-gülfam eləsin. Yar gəldi, hamı öz dərdinə məşğul oldu, Qalmadı kimsə ki, əhvalıma əncam eləsin. Sən nə kutahsən, ey şami-visali-dilbər, Həq mənim ömrümü kəssin, sənə ənam eləsin. Zülfü xəttin gətirir arizinə cananın, Kafər istər əcəba, kafəri islam eləsin? Olsa nakamlığım gər o pərinin kamı, Dili-divanəmi həq dəhrdə nakam eləsin. Seyyid ol zülfü rüxündən ki, hekayət söylər, İstəyir kim, günün ol vəch ilə axşam eləsin. * * * Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun, Təki bəzmimdə mənim bir büti-tənnaz olsun. Xəlq hərçənd deyir bir gül ilə yaz olmaz, Çağırın ol gülü kim, məclisimiz yaz olsun. Tayiri-könlümü seyd etdi qəzali-çeşmin, Bavərim yox bu cahanda belə şahbaz olsun. Öldür, ey qaşı kəman, aşiqi min zillət ilə, Ta güruhi-şühəda içrə sərəfraz olsun. Müstəcab oldu duamız ki, nigarım gəldi, Dəri-meyxanə gərəkdir bu zaman baz olsun. Demənəm badə ilə et məni sirab, xuda, Bari, çox olmasa da qismətimiz az olsun. Seyyida, çəkmənəm ol dövri-müxalif qəmini, Təki ol dilbəri-xoşləhcə mənə saz olsun. * * * Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin, Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin. Bağə girdin ol üzari-aldən açdın niqab, Qönçənin bağrın həsəddən dəmbədəm qan eylədin. Ərzi-rüxsar eylədin gülşəndə, ey gül bülbülə, Bülbülü gülzari-eşqində pəşiman eylədin. Boynuma saldın o müşkin zülfüvün zünnarını, Ey büti-tərsa, məni eşqində Sənan eylədin. Oldu hər bir zərrədən eşqin təcəllası əyan, Aləmi Musa tək, ey xurşid, heyran eylədin. Kənzi-məxfidən əyan oldu düri-şəhvarlər, Qətrəni, ey bəhri-ehsan, dürri-qəltan eylədin. Gah işvə, gah qəmzə, gah xişmü, gah naz, Seyyidə hər gündə bir növ ilə ehsan eylədin. * * * İstərsən əgər, ey dili-şeyda, fərəh olsun İstərsən əgər, ey dili-şeyda, fərəh olsun, İç dilbər ilə sağəri-səhba, fərəh olsun. Öp ləli-ləbi-dilbəri, iç badeyi-gülgun, Məcuni-müfərrehdi, sənə ta fərəh olsun. Sərbəstə müəmmadı sor ol qönçə dəhanı, Şayəd ki, açılsın bu müəmma, fərəh olsun. İç badə ki, olsun iki əmrin biri hasil, Ya qüssə gətirsin sənə mey, ya fərəh olsun. Mövquf isə qəlbin fərəhi qətlimə, billah, Öldür məni, ey dilbəri-ziba, fərəh olsun. Giryan səni gördükdə olur gül kimi xəndan, Tək ol gülə, ey Seyyidi-rüsva, fərəh olsun. * * * Ey həmnişin ki, sən mənə qəmxar olmusan Ey həmnişin ki, sən mənə qəmxar olmusan, Zənnim budur rəqibi-məni-zar olmusan. Hər günkü pəndüvə bu nəsihətlər oxşamaz, Qafil, bu damə sən də giriftar olmusan? Müddətdi bəzmi-qeyr olub ol mah mənzili, Ey asiman, nədən belə bikar olmusan. Səndən sivayə cövr eləməz yar, ey könül, Netdin ki, sən bu lütfə səzavar olmusan. Bülbül kimi fəğanə gəlib ağla Seyyida, Ol gül yanında böylə ki, sən xar olmusan. * * * Ey dil, həzar şükr xəbər gəldi yardən Ey dil, həzar şükr xəbər gəldi yardən, Olduq xilas dərdü qəmi-intizardən. Fəsli-xəzan qəmin çəkən avarə bülbülə, Verdi səba xəbər o güli-novbahardən. Ey məqdəmin fədası, bəlalər çəkir başım, Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən. Et şadlıq gözüm yaşı, ol gülrüxüm gəlir, Xarü xəsi götür, kərəm et, rəhgüzardən. Aləmdə bir gün olmadı ki, vəsli-yar ilə Bir kami-dil alam fələki-kəcmədardən. Bilməm nə eyləyib ona eşq əhli kim, müdam, Bu çərxi-kinəvər ayırır yarı yardən. Qoy, dönməsə müradımca çərx dönməsin, Minnət çəkən kişi degiləm ruzgardən. Şükri-xuda ki, vadeyi-vəslində ol məhin, Şərməndə olmadım dili-ümmidvardən. Getdi o gün ki, Seyyid, oxurdun bu misrəi: “Vahəsrəta, üzüldü əlim ol nigardən”. * * * Dilbəstə olmasaydım əgər zülfi-yarə mən Dilbəstə olmasaydım əgər zülfi-yarə mən, Çox da bu gunə olmaz idim bəxtiqarə mən. Ağazi-ülfətimdə görən lütfü yardən, İndi rəqib ilə görürəm aşkarə mən. İstər cüda həmişə o məhparədən məni, Bilməm nə etmişəm fələki-kəcmədarə mən. Əğyarə iltica edirəm indi hicrdə, Qaldım qəmində gör nə yaman ruzgarə mən. Ey dərdü qəm, qoyun məni bir öz qərarimə, Bir çarə eyləyim bu dili-biqərarə mən. Ol lələrüx fəraqı ilə əşki-aldən Döndərmişəm cahanı bu gün laləzarə mən. Gördüm ki, ülfətimdən edər ar dilbərim, Çəkdim özümü, Seyyid, o güldən kənarə mən. * * * Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən, Məhəbbətində sənin talibi-bəlayəm mən. O vəqtdən ki, hamı masivanı tərk etdim, Yəqinim oldu ki, sultani-masivayəm mən. Mənimlə zində olub tapdı Xızr ömri-əbəd, Bu dari-zülmət ara çeşmeyi-bəqayəm mən. O qüvvəyəm ki, yədi-həqlə gəlmişəm felə, Təsəvvür eyləmə kim, bir dəxi fənayəm mən. Nə şöləyəm ki, çəkəm asimanə gərdəni-kibr, Bəsani-sayəyəm, üftadə xaki-payəm mən. Məni çəkər gözünə harda görsə əhli-nəzər, Siyahbəxtəm əgər, mili-tutiyayəm mən. * * * Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən, Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. Yığılmışdı o bəzmi-canfəzayə hurü qılmanlar, Behişti-Ədn kim derlər, onu dünyadə gördüm mən. Xədəngi-qəmzəsindən, onların tiri-nigarından Özüm tək əhli-bəzmi sərbəsər üftadə gördüm mən. Yıxıldım, huşdən getdim, tutuldu nitq, Musa tək Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm mən. Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum, Məhəmməd nurunu çün ol büti-zibadə gördüm mən. O bəzmi bir də, Seyyid, görmək olmaz, ağlaram hər gün, Ki guya ol büsatı dün gecə röyadə gördüm mən. * * * Ancaq o məhin zülfü nə iyman alır əldən Ancaq o məhin zülfü nə iyman alır əldən, Ahu baxışı, qarə gözü can alır əldən. Rüxsarın üzə tazə gələn səbzeyi-xəttin, Bir murdi kim, mülki-Süleyman alır əldən. Zülfün götürüb əl, üzün iymanə edər qəsd, Kafər alanı indi müsəlman alır əldən. Sərgəştə edər könlümü ol kakili-dərhəm, Cəmiyyətim ol zülfü-pərişan alır əldən. Yüz saxlayasan nəqdi-dilü canüvi, Seyyid, Bir vəchlə ol novgüli-xəndan alır əldən. * * * Dün eşitdim bir siyəhzülfə giriftar olmusan Dün eşitdim bir siyəhzülfə giriftar olmusan, Ey mələksurət, mənim tək aşiqi-zar olmusan. Vermisən bir səngdil dildarə nazik könlüvü, Sən məgər könlündən, ey məhparə, bizar olmusan? Çəkmisən canan cəfasın, görmüsən hicran qəmin, Şükr-lillah, halıma, ey gül, xəbərdar olmusan. Görmüsən ayineyi-vəchində əksi-surətin, Taqətü huşün gedib, bir nəqşi-divar olmusan. Şövqi-ləlindən onun, ey xosrovi-şirinzəban, Seyyidi-şirin-süxən tək sahibəşar olmusan. * * * Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün, Gör doyunca rüxi-canpərvərini, barı bu gün. Qoyma getsin çıxıb, ey dil, o məhi-bimehri, Sabit et yalvarıb ol əxtəri-səyyarı bu gün. Bu gecə mənzil elə xanəmi, ey mahliqa, Salma nöqsana bizi, getmə, səni tarı, bu gün. Ayü gün, sabitü səyyarə təmaşayə çıxıb, Müştəridən o məhin gərmdi bazarı bu gün. Genə dünyalərə sığmaz, nə olubdur, Seyyid, Xoş baxıbdır üzünə yoxsa genə yarı bu gün. * * * İstədim çarə xətin bu dili-sədparə üçün İstədim çarə xətin bu dili-sədparə üçün, Dedi mərhəm kim edib müşki, görək, yarə üçün? Qasid, ol mahi-təmamım şəbi-hicran qəminə Nə sərəncam eləyirdi bu günüqarə üçün? Həzrəti-Nuhi-Nəci nəxleyi-Tubanı kəsib, Sənə, ey tifl, gərəkdir yona kəhvarə üçün. Tövbə verdi mənə meydən qəsəm ilə vaiz, Payladım badə alıb mən dəxi kəffarə üçün. Səni gördükdə səri-rahdə, həqdən Seyyid Yüz göz istər, gözəlim, hüsnüvə nəzzarə üçün. * * * Mən eylə bilirdim ki, mənə yar olacaqsan Mən eylə bilirdim ki, mənə yar olacaqsan, Aləmdə mənə yari-vəfadar olacaqsan. Man eylə xəyal etmiş idim ey güli-rəna, Sərbəstə olan qəmlərə qəmxar olacaqsan. Əvvəl eləyib mehrü məhəbbət mənə, axır Məndən, nə bilim ki, belə bizar olacaqsan. Rövşən elədim şəmi-cəmalın, nə bilim ki, Əğyarə-gedib şəmi-şəbi-tar olacaqsan. Dil verməz idim mən sənə, ey yari-dilazar, Bilsəydim əgər beylə dilazar olacaqsan. Sərməst meyi-hüsnü səfasən hələ, ey gül, Ol vəqt ki, hüsnün gedə huşyar olacaqsan. Məğrursən, ey gül, xəbərin yoxdur özündən, Əyyami-xəzan gəlsə xəbərdar olacaqsan. Bir vəqt olacaqdır ki, sən, ey Yusifi-sani, Üşşaqi-siyəhbəxtə xəridar olacaqsan Xar eylədi ol gül səni əğyar yanında, Seyyid, hələ bundan dəxi sən xar olacaqsan. * * * Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün, Görmək istərsəm, gözüm çıxsın əgər dünya yüzün. Eşqdə Sənan olub, zünnarə etməzmi həvəs Görsə zahid gər sənin tək bir büti-tərsa yüzün. Xalü xattin əksi çeşmimdə cəmalın şövqdən Xeyli-hindudur ki, Rum üçün tutub dərya yüzün. Dağə çaldı cani-şirinin qurtardı Kuhkən, Şuri-əşkim seyli ta gördü tutub səhra yüzün. Nuru batsın çeşmimin görmək təmənna eyləsəm Mahi-rüxsarın qoyub mehri-cahanara yüzün. Üz sürürlər bunca kim, üşşaq xaki-payüvə, Üz çəkib, ey mahi-rüx, göstərmə istiğna yüzün. Nuru artıb çeşmimin başım fələklərdən keçər, Bir də görsəm, Seyyid, ol mahi-mələksima yüzün. * * * Sən mənim, ey ləbi canbəxş ki, cananımsan Sən mənim, ey ləbi canbəxş ki, cananımsan, Sənə qurban nə deyim canı ki, sən canımsan. Neylirəm sərvi, uzun söz nə gərəkdir, ey gül, Rast oldur ki, özün sərvi-xuramanımsan. Neylirəm sərvi, gülü gülşəni, ey laləüzar, Sən mənim sərvü gülü sünbülü reyhanımsan. Mən sənin murinəm, ey səbz-xətü müşkinmu, Sən mənim təxti-hökumətdə Süleymanımsan. Yoxü-varımdı fəda, ey dəhəni-yar, sənə Ki, mənim dəhrdə sən munisi-pinhanımsan. Kakilin ayəti-”Vəlleyl”di, “Vəşşəms” yüzün, Sən mənim məktəbi-üşşaqdə Quranımsan. Dün dedin kim, mənə, ey şah, gədadır Seyyid, Elə bildim ki, dedin aləmə sultanımsan. * * * Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən, Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən. Zəncirdə bir kimsənə can vermədi mən tək, Ol silsileyi-zülfə giriftar ölürəm mən, Məst olmadığım dəm yox idi dəhrdə bir gün, Səd heyf, ölən vəqtdə huşyar ölürəm mən. Qorxum budu görsəm səni ləzzət tapa çeşmim, Şadəm ki, belə həsrəti-didar ölürəm mən. Devrimi tutub qüssəvü qəm, möhnəti-aləm, Sanma ki, belə bikəsü biyar ölürəm mən. Yox taqətim əğyar ilə görmək səni, ey şux, Ölməkdə bu gün bir qərəzim var, ölürəm mən. Zəxmi-sitəmin olmadı bu Seyyidə kari, Səd heyf, səd əfsus, günəhkar ölürəm mən. * * * Şəm kim, rovşən olub yanmağa pərvanə üçün Şəm kim, rovşən olub yanmağa pərvanə üçün, Yanmağından dəxi pərvanəyə pərva nə üçün? Verməyim xalüvə ey gül, niyə mən dünyanı, Çəkdi cənnətdən əl Adəm elə bir danə üçün. Bilmirəm zülfü üçün şanəni xəlq etdi xuda, Ya ki, zülfi-siyəhin xəlq eləyib şanə üçün? Bunca kim, hüsnünü Qurandə vəsf etdi xuda, Bilmişəm kim, eləyib məşq onu meyxanə üçün. Piri-meyxanə Əlidir, odur ənvari-cəli, Aşinanı tanı, seyr eyləmə biganə üçün. Olmasaydı gili-Adəmdə cəmalından əsər, Qabil olmazdı onun tinəti peymanə üçün. Seyyida, eyləmə övsafi-Əlidən qeyri, Ömrüvi sərf eləmə hər yetən əfsanə üçün. * * * Xət gəlib müshəfi-rüxsarına mənası üçün Xət gəlib müshəfi-rüxsarına mənası üçün, Ayeyi-Nurə düşüb şərh təcəllası üçün. Rəşk edir bir-birinə mərdüməki didələrim Nöqteyi-xalının, ey şux, təmaşası üçün. Eşqinə düşdü Məsiha çü bu ziba sənəmin, Çarmixə çəkilib zülfi-çəlipası üçün. Xahiş etdi dəhənin sirrini çoxlar, əmma Oldu mədum bu bir nöqtə müəmması üçün. Zahida, dinüvi sən verdin əbəs şeytanə, Şeyx Sənan verib öz dilbəri-tərsası üçün. Verdi can könlümü zülfi-siyəhinə o məhin, Çarə bildi onu rəfi-qəmi-sövdası üçün. Mari-Zöhhak idi geysusi, Firidun xətti, Bu Firidun gəlir dəfinə dəvası üçün. Seyyidin var idi bir cüzi olan iymanı, Eylədi nəzr onu da şəhr kəlisası üçün. * * * Rüxsarın açıb bülbülü şeyda elədin sən Rüxsarın açıb bülbülü şeyda elədin sən, Bülbül nəzərində gülü rüsva elədin sən. Ağuşun üçün bəs ki, qolum açıla qaldı, Kafər, məni bir şəkli-çəlipa elədin sən. Bürqə götürüb ol ərəqaludə yüzündən, Gün üzrə əyan iqdi-Sürəyya elədin sən. Nitqə gəlib etdin bu dili-mürdəni ehya, Zahir genə ecazi-Məsiha elədin sən. Tökdün yüzə ol zülfi-xəməndərxəmi, ey məh, Xurşidə hicabın şəbi-yəlda elədin sən. Yerdən gögə var Yusif ilə fərq səninçün, Çox Yusifi eşqində Züleyxa elədin sən. Hicri-rüxi-alında iki çeşmimi, ey gül, Xunab ila meydən dolu mina elədin sən. Qəddini “əlif”, zülfi-siyahini dedin “lam”, Seyyid, bu əlif-lamı nə məna elədin sən? * * * Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən, Ümidi-vəsli ilə bu diyarə gəldim mən. Visalı döndü mənə oldu axırı hicran, Yəqin ki, çeşmi-bədi-ruzigarə gəldim mən. Nəkarəyəm, nəçiyəm, badə ilə sadəm yox, Özüm də bilməyirəm kim, nə karə gəldim mən. Nə ahü zar idi bu, bir gülün fərağında, Əlindən, ey dili-xungəştə, zarə gəldim mən. Sizi tarı mənə bu dəmləri verin fürsət, Şikayətə bu dəri-şəhryarə gəldim mən. Münəccim etdi nəzər bəxtimin sitarəsinə, Onun təsəvvürünə bəxtiqarə gəldim mən. Yetişdi qətrələr ol bəhri-vəhdətə, Seyyid, O bəhrdə dür idim, gör, kənarə gəldim mən. * * * Ey ləli-ləbin şireyi-şəkkər təki şirin Ey ləli-ləbin şireyi-şəkkər təki şirin, Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin. Yüz şəkkərü şirini ola Xosrovun, olmaz Hərgiz ləbi-Şirin ilə Şəkkər təki şirin. Vəsf eyləməyin, çox yemişəm Misr nəbatın, Əsla ola bilməz ləbi-dilbər təki şirin. Nəxli-əsəlin rəşk ilə təlx oldu məzaqi Kim, şirəsi olmaz o ləbi-tər təki şirin. Badam mizacın hükəma təlx deyiblər, Mən görməmişəm hiç o gözlər təki şirin. Seyyid, sanə düşnam desə yar, nə eybi, Acı sözüdür könlümə şəkkər təki şirin. * * * Mən öldüm, üstümə dildar gəlsin Mən öldüm, üstümə dildar gəlsin, Açıb başın o sünbültar gəlsin. Açıb nitq, eyləsin yoxdan təkəllüm, Tənimdə bir nəfəs ta var gəlsin. Əgərçi ixtiyarı birlə gəlməz, Edin ol sərkəşi naçar, gəlsin. Qılın əhvalımı cananə rövşən, Bu zülmatə o məhrüxsar gəlsin. Ki şayəd rəf edə dərdi-sərimi, Əyağ əldə, meyi-sərşar gəlsin. Dəhanimə nəfəs təşxisi üçün Tutub ayineyi-didar, gəlsin. Cənazəm üstünə gəlsin imamım, Namazə Cəfəri-Təyyar gəlsin. Bu təmiri-dil oldu xakə yeksan, Deyin təmirə ol memar gəlsin. Əgərçi, bilmişəm gəlməz o gülrüx, Yanır narə, deyin, bu xar gəlsin. Nolur, bari-xuda, bu xanəgahə Çıxıb ol şahidi-bazar gəlsin. Görər əğyar ilə yarını ölməz, İlahi, Seyyidə bir ar gəlsin. * * * İstərəm görmək səni bir şəxsə imkan olmasın İstərəm görmək səni bir şəxsə imkan olmasın, Məndən özgə hüsnüvə bir kəs nigəhban olmasın. Düşməyə ta ki, yer üzrə sayeyi-nəxli-qədin, Gecələr şəmü günüzlər mehr rəxşan olmasın. İstərəm bir xasi-xəlvət yar ilə aləmdə kim, Vaqifi ol xəlvətin ta ki dilü can olmasın. Canü dil biganədir bəzmi-visali-yardə, Aşinanın bəzminə biganə mehman olmasın. Xarlər hərdəm görür, ey gülbədən, rüxsarüvi, Rəşkdən qönçə kimi könlüm necə qan olmasın? İstərəm canım alıb, boynuma salsın zülfünü, Ya rəb, ol gülrüx bu sövdadən pəşiman olmasın. Ol büti-tərsadə hər kim görsə nuri-vəhdəti, Hiç mümkündürmü o eşq ilə Sənan olmasın? Zülfü rüxsarı xəyalı ruzü şəb bəsdir ona, Aşiqin könlündə fikri-küfrü iyman olmasın. Özgə aləmdir həqiqətdə bu vəhdət aləmi, Kəsrət ilə aşiqin halı pərişan olmasın. Ey xudavəndi-əhəd, öz birligin həqqi, mənim Xatirim, Seyyid kimi qəmdən hərasan olmasın. * * * Bəs ki, verir cəfaləri hərdəm səfa mənə Bəs ki, verir cəfaləri hərdəm səfa mənə, Şadəm ki, daim eylər o gülrüx cəfa mənə. Bəs ki, cəfalər ilə könül adət eyləyib, İndi gəlir cəfa, əgər etsə vəfa mənə. Ol aşina ki, qət elədi məndən ülfətin, Biganə tənə eylədi, həm aşina mənə. Derlər ki, vəsli-yardə bir özgə hal var, Bircə nəsib edəydi o hali xuda mənə. Ətşani-cami-vəslinəm, ey Xızrxət, əgər İçsəm, ilahi, zəhr ola abi-bəqa mən. Sultani-vadiyi-ələməm, dərdü qəm sipah, Eşq içrə gör cəlalımı, qıl mərhəba mənə. Gəh cövrü, gəh xətavü, gəh azarü, gah xişm, Seyyid, o şux hərdəm edər bir əta mənə. * * * Meyxanə tərəf saqi, amandır, güzər eylə Meyxanə tərəf saqi, amandır, güzər eylə, Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə. Hərçənd ki, mən tanımıram başla ayağım, Sən doldur əyağı, məni bundan bətər eylə. Sərməst ölürəm, get məni dəfn etməgə, saqi, Rindani-xərabatə bu işdən xəbər eylə. Yandın necə sən indi, könül, nari-fəraqə, Yüz dəfə dedim eşqdən, axır, həzər eylə. Ey dil, əgər ol qəmzeyi-xunxarı sevirsən, Can cövşənini tiri-bəlayə sipər eylə. Sədparə könül, xövf eləmə tiri-bəladən, Mərdanə bu meydanə qədəm qoy, cigər eylə. Ey nalələrim, gəldi odur qətlim üçün yar, Kim dedi sənə get dili-yarə əsər eylə. Ol zülfi-siyəhdən bu şəbi-vəsldə, Seyyid, Tulani şikayətlərüvi müxtəsər eylə. * * * Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə, Verdi öz surətini nəqşdə nəqqaş sənə. Sənsən ol padşəhi-məsnədi-izzət kim, olub Rüsüli-sabiqə, yol açmağa fərraş sənə. Səcdeyi-Adəmə zahirdə olundu təklif, Endirib aləmi-batində mələk baş sənə. Xilqəti-xüşkü tərə oldu vücudun bais, Bəndə-fərmandı bu gün hər quru, hər yaş sənə. Səngrizə dil açıb oldu güvahi-halın, Nərm olunsa nə əcəb hər cigəri daş sənə. Şəbi-meracdə getdin, sənəma, bir yol kim, Cəbrəil olmadı getməkligə yoldaş sənə. Ərzi-halımdı sənə suzi-dili-zarımdan Gözlərimdən tökülüb qanlı axan yaş sənə. Seyyid ol gül ki, olub zairi-xaki-hərəmin, Canını bəzl qılaydı o gün, ey kaş, sənə. * * * Vaiz, demə kim, zail edər əqli piyalə Vaiz, demə kim, zail edər əqli piyalə, Billah ki, piyalə gətirir mərdi kəmalə. Sən özgə günah eyləmə, iç badeyi-gülgun, Ondan nə günah olsa, mənə eylə həvalə. Mən müctəhidi-əsr, cahan əhli müqəllid, Təcviz-meyi-nabə yazıldı bu risalə. Xətdirmi tutan dövri-rüxi-dilbəri, ya kim, Müşk ilə çəkildi genə ay dövrünə halə. Nazikdi gül, əmma hanı güldə bu lətafət, Ey “səlli əla ali-Məhəmməd” bu cəmalə. Əhd eyləmişəm, könlümü zülfündən alan gün, Qurban eləyim guşeyi-çeşmindəki xalə. Seyyid, dəhəni-yardən etmə bu qədər bəhs, Yoxdan nə danışmaq, nə düşürsən belə qalə. * * * Mənə mehman idi ol sərvi-xuraman bu gecə Mənə mehman idi ol sərvi-xuraman bu gecə, Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə. Həmdəmim hur idi, camımda şərabım Kövsər, Mənzil olmuşdu mənə rövzeyi-rizvan bu gecə. Zülməti-zülfdə gördüm dəhəni-yarı genə, Xızra əl vermiş idi çeşmeyi-heyvan bu gecə. Nisfi-şəbdə mənə həmbəzm idi ol qaşı hilal, Bəzmdə durmuş idi san məhi-taban bu gecə. Dəhəni-yar xəyalilə yox idi varım, Var idi bəzmdə çox nükteyi-pinhan bu gecə. Ləhni-Davudi ilə könlümü aldı ol şux, İltifat etmiş idi murə Süleyman bu gecə. O meyin qətrəsi yüz ləli-Bədəxşanə dəgər Ki, dəgərdi ona hərdəm ləbi-canan bu gecə. Seyyid, ol Kəbeyi-hüsn ilə ki, oldum həmdəm, Kaş olaydım, dolanıb başına, qurban bu gecə. * * * Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə, Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə. Degiləm, iki gözüm olsa da, mən xatircəm, Ey gözüm nuri, gözümdən belə pinhan gəzmə. Xatəmi-ləlüvə ta yetməyə Əhrimən əli, Ey pəri, yarın əgər olsa Süleyman, gəzmə. Çıxma yarım, gecələr tışra sən əğyar ilə, Qorxuram hüsnüvə, ey məh, yetə nöqsan, gəzmə. Danışırlar hamı, el ağzını tutmaq olmaz, Ey güli-qönçədəhən, xar ilə hər yan gəzmə. Faş olan nüktədi qeyr ilə dəhanın sirri, Sanma ol nüktə səri-mu qala pinhan, gəzmə. Getmə cəmiyyəti-əğyarə sən, ey zülfi siyah, Seyyidi-zarı edib halı pərişan, gəzmə. * * * Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə, Gör ki, təsiri-nəfəs qıldı vəfadən tövbə. Zülfi-müşkinüvə kim, nafeyi-Çin söyləmişəm Tövbə, ey gözləri ahu, bu xətadən tövbə. Buriya üzrə oturma, bu riyadən bir usan, Oğlun ölsün, elə zahid, bu riyadən tövbə. Təngdil etmiş imiş Xızrı qəmi-tənhayi, Dün gecə gördüm edib abi-bəqadən tövbə. Yox imiş xəlvəti-yarə yolu, getdim gördüm, Eylədim həmdəmiyi-badi-səbadən tövbə. Şürbi-mey, tövbə, müqəffa görünüb bir-birinə, Qorxma, mey iç, elə mən kimi qəfadən tövbə. Hər işindən eləyə tövbə, yəqindir, Seyyid Çəkməz əl badədən, etməz bu ədadən tövbə. * * * Ey badi-səba, kuyi-həbibə güzər eylə Ey badi-səba, kuyi-həbibə güzər eylə, Hali-dili-zarimi o şahə xəbər eylə. Qürbətdə pərişanlığımı zülfü qəmindən, Tul eyləmə, ol sərvqədə müxtəsər eylə. Axır məni-zarı dəri-dilbərdən ayırdın, Ey çərxi-cəfacu, məni az dərbədər eylə. Ahi-səhərim qübbeyi-əflakə ucaldı, Bu navəki-xunrizdən, ey gül, həzər eylə. Əgləşməyə ta xaki-rəhi dideyi-qeyrə, Ey göz, tökübən əşk qübarını tər eylə. Bəsdir mənə bu təlxiyi-hicran, ləbindən Get özgələrin kamını sən pürşəkər eylə. Səbr eylə dedin, vəslə əlac olmadı, Seyyid, Rəf etməyə bu firqəti fikri-digər eylə. * * * İstəyir şəhrdən ol dilbəri-məhparə gedə İstəyir şəhrdən ol dilbəri-məhparə gedə, Günümü hicrdə zülfü tək edib qarə gedə. Bu xəbərdən ki, gedib yar, ürəgim getdi mənim, Ah o gündən ki, müqabildən o məhparə gedə. O kaman qaş nola kim, tiri-nigahilə məni Bir səvab eyləyibən öldürə, qurtarə, gedə. Axıb ey qanlı yaşım, yolları məsdud eylə, Qoyma kim, bir tərəf ol dilbəri-xunxarə gedə. Qorx o gündən ki, o məhparə fərağında, fələk, Badə ahımla mənim sabitü səyyarə gedə. Çəkə zənciri-səri-zülfə dili-şeydanı, Qıla bu Seyyidi-divanəyə bir çarə, gedə. * * * Nolaydı bəzmimə ol gülüzar bir də gələ Nolaydı bəzmimə ol gülüzar bir də gələ, Şükufələr açılıb, novbahar bir də gələ. İyadət etdi, məni-nimcan şəfa tapdı, Nola iyadətimə ol nigar bir də gələ. Xədəngü tiğü sinanü kəmənd ilə ol şux, Əlində qətlim üçün hər çəhar bir də gələ. İçə şərabı o ruhi-rəvan, ola məxmur, O məst gözlərə tazə xumar bir də gələ. Nola bahar gəlib açılaydı bağdə gül, Bu bağə bülbüli-biixtiyar bir də gələ. Nihani qəmzələri canım aşikar aldı, Nolur o gənci-nihan aşikar bir də gələ. Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid, Bu arxa su gəlib, ümmid var bir də gələ. * * * Cəfadı karı deyib ol nigarı qoyma gedə Cəfadı karı deyib ol nigarı qoyma gedə, Əlindən ol sənəmi-gülüzarı qoyma gedə. Nə etibar ki, səyyadə bir də ram olsun, Çəkib kəməndüvə sal ol şikarı, qoyma gedə. Əgərçi yar deyir qoy gedim, genə gəlləm, Yalandı, yox sözünün etibarı, qoyma gedə. Dedi fəqih mənə, getmə yar kuyinə, Dedim bacarsan əgər ixtiyari qoyma gedə. Yapış o türrəyə kim, tarı rişteyi-candır, Könül, bu gün səni tarı, o tarı qoyma gedə. Gedər bahar hamı; yarü sağərin, ey dil, Ayıl, bu qəflət ilə novbaharı qoyma gedə. Dəhanı sirrini məxfi dedim sənə, Seyyid, Dəxi budur sözümün aşikarı, qoyma gedə. * * * Dün dolandım başına, söylədi pərvanədi bu Dün dolandım başına, söylədi pərvanədi bu, Zülfün aldım əlimə, güldü ki, divanədi bu. Həlqeyi-zülfdə gör xali-siyahın, ey dil, Birisi dami-bəladır, birisi danədi bu. Arizi-yarıma bax, yoxdu gər əqlində qüsur, Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu. Sanma məscid kimi, bisidqü iradət gəlmə, Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanədi bu. Bu degil pərdeyi-Üşşaqü Nəhavəndü Hicaz, Qülğülə ərşə salan nəreyi-məstanədi bu. Uyma zəntəblərə, tut şəhi-Mərdan yolunu Ələ al sağəri-mey, məşrəbi-mərdanədi bu. Seyyida, çək gözə eyvani-tila sürməsini. Can yetib kamına kim, mənzili-cananədi bu. * * * Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi, Həqq onu şad edə kim, aləmi dilşad etdi. Seyli-qəm etmiş ikən aləmi-imkanı xərab, Rəhmət ol şəxsə ki, meyxanəni abad etdi. Bəndeyi-piri-müğanəm ki, inayətlər edib, Özlügümdən məni bir cam ilə azad etdi. Zahida, düxtəri-rəz ümmi-fəsad isə əgər, Nəxli-ənguri neçin həqq özü icad etdi? Hamı məscid tərəfə getsə əgər, ey Seyyid, Bəs neçin piri-müğan meykədə bünyad etdi. * * * Yüzdən çəkəndə naz ilə, mahım, niqabını Yüzdən çəkəndə naz ilə, mahım, niqabını, Torpaqlara fələk salır öz afitabını. Bilməm ki, nəşəsin nə bilir, həq deyən, meyin, Zahid ki, dadmayıbdı məhəbbət şərabını. Göz kim, bu qədr giryələr eylər, vüzu qılıb İstər kəfi-nigarə cəmalın kitabını. Ol qədr şərm var o büti-novrəsimdə kim, Yüz məst ola, şərab götürməz hicabını. Saymaq sitarə yadi-qədinlə şəbi-fəraq, Könlümdən etdi məhv qiyamət hesabını. Məlumdür ki, hicrin olur axırı vüsal, Amma könül gərək gətirə hicr tabını. Ahuyi-Çin üzündə görüb tari-zülfüvü, Etdi fərar, atdı çölə müşki-nabını. Vaiz, şəbi fəraqda gör halımı, sora Təqrir eylə xəlqə cəhənnəm əzabını. Canım fəda o qatilə, Seyyid, ki əcrdə Yazmış mələk, həzar şəhidin səvabını. * * * Ta düşdü dillərə qəmi-eşqin hekayəti Ta düşdü dillərə qəmi-eşqin hekayəti, Divanəlikdə tutdu sözüm hər vilayəti. Düşdüm o növ dillərə divanəlikdə kim, Mənsux olundu dəhrdə Məcnun rəvayəti. Eşq əvvəlində sərkəş olur ta zəbun edə, Səbr et ki, vəsli-yardır anın nihayəti. Çoxdan məni edərdi zəbun qüssə, saqiya, Gər olmasaydı piri-müğanın inayəti. Məndən ziyadə şəkvə edər ol dəxi mənə, Səndən kimə edərsəm, a zalım, şikayəti. Bica üzün qaralmadı xətti-siyahdən, Üşşaq ahının budur, ey sərv, ayəti. Zülfündə gizlənib üzüvə yetdi, aqibət Küfr içrə tapdı Seyyid o nuri-hidayəti. * * * Xoş ol zaman ki, qapında gədalığım var idi Xoş ol zaman ki, qapında gədalığım var idi, Bu etibar ilə bir padşalığım var idi. Mükəddər etdi qübari-həvadis ilə fələk, Şərabi-nab kimi dilgüşalığım var idi. Şikəsti-sərsəri-yəs oldu, ey xoş ol gün kim, Səfineyi-əmələ naxudalığım var idi. Nə çevrəmə dolanırsan bu gün mənim, ey bəxt, Haçan səninlə mənim aşinalığım var idi. Riyanı tərk elədim, cam tutdum, ey zahid, Mənim də el gözünə parsalığım var idi. İmamə müqtədiyəm, ey xoş ol zamanlar kim, Şərabxarlərə pişvalığım var idi. O zülfi-qarə qılıb bəxtimi, məgər Seyyid, Mənim əzəldə bu bəxti-qəralığım var idi? * * * Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi, Təni-zarımda təvan, cismdə canım yox idi. Ölməyib hicrdə kim vəslinə yetdim, ey məh, Səxtcan olduğuma böylə gümanım yox idi. Olmasa kimsə qəmimdən mənim agəh deyibən, Gərçi dərdim çox idi, ahü fəğanım yox idi. Ta səhər zülfi-siyahü dəhənin yadı ilə, Yox idi şəb ki, mənim suzi-nihanım yox idi. Kakilin şövqi ilə Seyyidi-sərgəştə kimi, Dolanırdım, o səri-kudə məkanım yox idi. * * * Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki, Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki. Olmayaydım ol pəri eşqində rüsvayi-cahan, Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki. Göstərib əvvəl vəfa, axır olurlar bivəfa, Olmayaydı xubrulərdə bu adət kaş ki. Ya verəydi həq sənə bir rəhm, ey bidadgər, Ya olaydı məndə bu hicranə taqət kaş ki. İnciyib ahü fəğanımdan, kəm etdin cövrünü, Etməyəydim cövrü zülmündən şikayət kaş ki. Seyyida, yarı görüncə vəsldə əğyar ilə, Xud qalaydım hicrdə didarə həsrət kaş ki. * * * Genə bir namə ilə yadə salıb yar məni Genə bir namə ilə yadə salıb yar məni, Bəxt handan bu işə gördü səzavar məni. Məni ol mahliqa yadına salmaz, bilirəm, Gündə bir müjdə ilə alladır əğyar məni. Şəbi-hicran məni, ey mah, təmam etmiş idi, Saxlayıb zində belə vədeyi-didar məni. Fərəhimdən ölərəm gər səni birdən görsəm, Gəlməgindən irəli eylə xəbərdar məni. Dürri-göftari-dəhanınla edibdir xoşhal, Ey ləbin sədqəsi, yoxdan eləyən var məni. Bülbüli-gülşəni-qüds idim, əzizi-dü cahan, Bir gül eşqində fələk eylədi gör xar məni. Seyyid, əmmaməmi al başdan əyaği-meyə ver, Sərgiranəm tut əlim, eylə səbükbar mani. * * * Rəhm etmədi əhvalıma yarım, belə keçdi Rəhm etmədi əhvalıma yarım, belə keçdi, Bir baxmadı ol nazlı nigarım, belə keçdi. Həngami-bahar oldu, işim beylə xəzandır, Ya rəb, necolur, çünki baharım belə keçdi. Gündüzlər işim nalə, gecə göz yaşı həmdəm, Ol zülfü rüx eşqində mədarım belə keçdi. Saldım özümü payi-səməndinə o şahın, Lütf etmədi ol şahsüvarım, belə keçdi. Yar özgələrin məclisinin oldu çırağı, Mən hicrdə qaldım, şəbi-tarım belə keçdi. Seyyid, o qara gözlü mənim kəsdi qərarım, Səhrayi-məhəbbətdə qərarım belə keçdi. * * * Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi, Zövqi-didar ilə könlümdə qərarım var idi. Getdi ol günlər ki, zülfü arizindən ol məhin, Sünbülüm, müşküm, gülüm, bağım, baharım var idi. Rəşk edib dövri-fələk məndən ayırdı aqibət, Dərdü qəm dəfinə kim, bir qəmküsarım var idi. Barilaha, bir də mən görrəm ola ol günləri Kim, visali-yardə xoş ruzigarım var idi. Seyyida, bir də görüb ölsəm əgər, olmaz qəmim, Ol zamani kim, vüsali-gülüzarım var idi. * * * Eylədi axır fələk ol gülüzarımdan məni Eylədi axır fələk ol gülüzarımdan məni, Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni. Naqeyi-sərgəştə tək səhra dolansam, ney əcəb Kim, fələk bidad ilə üzmüş qatarımdan məni. Hicrdən rəngim saraldı, şükr kim, sərrafi-eşq, İndi tanır bu zəri-kamil-əyarımdan məni. Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil, Bari gəh-gəh sor dili-biixtiyarımdan məni. Şəhri-Tiflisin çəlipa bağlayan tərsaləri, Qorxuram kim, ayıra axırda tarımdan məni. Seyyida, mən ol məhəbbət əhliyəm afaqdə – Kim, tanır əhli-nəzər xaki-məzarımdan məni. * * * Zahidin gər güzəri bir düşə meyxanə sarı Zahidin gər güzəri bir düşə meyxanə sarı, Kafərəm gər dönə ol məscidi-viranə sarı. Dustlər, eyləmişəm badeyi-nab ilə vüzu, Döndərin bəs dəxi səccadəmi bütxanə sarı. Zahida, sən məni meyxarə bilirsən, yoxsa O nə baxmaqdı həqarətlə bu divanə sarı? Eyləməzdim bu qədər badeyi-gülgunə həvəs, Saqinin əksi-rüxü düşməsə peymanə sarı. Bəççeyi-badəfüruşun ki, görə rüxsarın, Bir də divanədi Seyyid baxa Quranə sarı?! * * * Dünən gecə mənə həmbəzm bir səmənbər idi Dünən gecə mənə həmbəzm bir səmənbər idi, Məhi-cəmalı ilə gözlərim münəvvər idi. Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa, Bir əldə türreyi-dilbər, bir əldə sağər idi. Gecəm o hur cəmalilə ruz tək rovşən, Yerim behişti-bərin, badəm abi-Kövsər idi. Nə xahiş eyləsəm ol bəzm ara olub hasil, Nə arizu eləsəm yardən müyəssər idi. O gunə çox gecələr görmüşəm behiştasa, – Və leyk, ol gecə həm, bir behişti-digər idi. Xuda keçən gecəni ömrümə hesab eləsin – Ki, hər dəqiqəsi yüz min günə bərabər idi. O qədr axtarasan, ey şəhi-diyari-vəfa Ki, heyf öldü bu Seyyid, qəribə çakər idi. * * * Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni, Yoxdur ol mah, aparma bu tamaşayə məni. Oldum aşüftə pərilər səri-geysusundan, Nə deyim Adəmə kim, gətdi bu dünyayə məni. Əksi-rüxsarüvi dil camdə görcək, ey gül, Saldı yüz rəng ilə bir özgə təmənnayə məni. Olmasaydı o xətin, Qaziyi-Beyzavi gəlib, Sakit etməzdi əgər şərh edə mənayə, məni. Sayeyi-sərvi-qədin ta ki, gedibdir sərdən, İncidir gülşən ara güldən olan sayə məni. Kakilin şövqü ilə qarəyə batdım elə kim, Oxşadır əhli-nəzər Kəbeyi-ülyayə məni. Ülfətimdən bu qədər etməz idi ar ol gül, Oxşadıbdır, bilirəm, Seyyidi-rüsvayə məni. * * * Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri, Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri. Ayeyi-vəsssyf qaşındır bu yüzdən dəhr ara, Sabit eylər xəlqə həqqən Zülfüqari-Heydəri. Bu pərirulərdir aləmdə müsəxxər nəlinə, Mur xəttim, ləblərindir ol Cəmin əngüştəri. Şurə saldı püsteyi-xəndanın əhli-aləmi, Ey şəkərləb, qamətin göstərdi şuri-məhşəri. Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal, Çərxi-minanın əgər xurşiddən var sağəri. Arizin cövhərdir, ol cövhər yanında gün ərəz, Hanı Əflatun ki, fərq etsin ərəzdən cövhəri. Yusifim, gəl eyləmə munca cəfalər Seyyidə, Etmə rəncidə özündən xatiri-peyğəmbəri. * * * Badi-səba şüküftə edər gərçi gülləri Badi-səba şüküftə edər gərçi gülləri, Həmmam camədən çıxarır bu gözəlləri. Ey futə, vermərəm səni zahid əbasına, Şamü səhər qucursan elə incə belləri. Aşiq yanında zərrdən artıqdı qiymətin, Ey tas, ta ki, dəgdi sənə yarın əlləri. Ey xəlvəti fəda sənə, kəhli -təcərrüdün Var səndə ruhə feyz verən çox əməlləri. Bir guşəni behiştə sənin vermərəm ki, var Səndə bu şuxi-huriliqalər məhəlləri. Həmmam daşı olsa idin Seyyida, əgər, Sən də qucaqlar idin o ziba. …… * * * Axiri-dəhr nə mümkündü fənadən qeyri Axiri-dəhr nə mümkündü fənadən qeyri, Kimsə baqi degil aləmdə xudadən qeyri. Aləmi-faniyə əl vurma ki, yoxdur səməri, Eyləmə hiç tələb mülki-bəqadən qeyri. Bivəfa mahlərə vermə könül, xar olusan, Görməsən dərdü qəmü cövrü cəfadən qeyri. Ləbi-şəkkərşikənindən sənə düşnam verir, Gərçi sən eyləməsən xeyr-duadən qeyri. Tapmasan kimsənə ki, dərdi-dil izhar edəsən, Həmdəm olmaz qəmüvə badi-səbadən qeyri. Hər nə zülm eyləsə dildar gərək səbr edəsən, Yoxdu bu babdə bir çara rizadən qeyri. Aşiq ol pərtövi-rüxsareyi-şəmsi-əzələ, Ta ki sən görməyəsən nurü ziyadən qeyri. Ol xudavəndi-əhəd eşqinə candan rağib, Yoxdu bu Kəbədə çün zövqü səfadən qeyri. Mümkünün var ki, yolu mümkünə aşiq olsun, Pəs tələb eyləməsən mehrü vəfadən qeyri. Surəti-vacibi mümkündə təmənna eləsən, O da mümkün ki, degil Şiri-xudadən qeyri. Çəng vur ürvəti-vüsqayi-vəliyyüllahə, Görməsəm ruzi-cəza lütfü ətadən qeyri. Mümkünün vacibə yoxdur yolu, ey Seyyidi-zar, Görmədim səndə bir asar xətadən qeyri. * * * Ey ruyin asimanın xürşidi-nuri-tabi Ey ruyin asimanın xürşidi-nuri-tabi, Bərgi-ləbi lətifin gülqənd afitabi, Xət gəldi, yarı qıldı şərməndə əhli-dildən, Ol müşkmu qəzalın oldu füzun hicabi. Şövqi-cəmalın, ey gül, yaşımı tökdü gözdən, Ol güldən eylədim mən təqtir bu gülabi. Təshif ilə ləbindən bir busə istər aşiq, Miskinə sədqə vermək əfzun edər səvabi. Açmış zəbani-halın isbatı-zati-həqqə, Hər bərgi-susən olmuş bir mərifət kitabi. Derlər əzab olmaz cənnətdə, bu əbəsdir, Kuyində dil o hurün daim çəkər əzabi. * * * Derlər ki, xəlq üç yüz ili Adəm ağladı Derlər ki, xəlq üç yüz ili Adəm ağladı, İnsaf etməyib babamız, çox kəm ağladı. Olsa həyatım ağlar idim ruzi-həşrə tək, Üç yüz ilin nə behcəti kim, Adəm ağladı? Mən ağlayanda Kövsərə yüz verdi yüz məlal, Kəbə geyib libasi-qəra, Zəmzəm ağladı. Gəh övcü gəh həzizdə gördü fəğanımı, Mütrüb nə vəqt eylədi zilü bəm, ağladı. Düşdüm cüda çü cənnəti-kuyindən ol məhin, Halimə oldu cinnü pəri həmdəm, ağladı. Göz yaşı ilə xürrəm o sərvi edib könül, Bir ləhzə görmədi özünü xürrəm, ağladı. Gördü gözüm ki, yarı gəlir ağlayanda mən, Seyyid kimi sirişk töküb peyhəm ağladı. * * * Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı, Olurdu nəqdi-can ilə cahan əhli xəridarı. O mahi-zərfüruşun qalmışam didarına həsrət, Hücumi-müştəridən gərmdir əzbəs ki, bazarı. Gəlir ol Yusifin bazarına zali-fələk hər gün, Gecə ta sübh kövkəblərdən eylər cəm dinarı. Əyari-nəqdi-eşqi, ey könül, sərraf olandan sor, Büruz eylər məhəkdə simi-nabın qədrü miqdarı. Nə bilsin bibəsərlər qiymətin əşari-canbəxşin, Apar sərrafə göstər, Seyyida, bu dürri-şəhvarı. * * * Dün qismət oldu çeşmimə xalın nəzarəsi Dün qismət oldu çeşmimə xalın nəzarəsi, Sandım yanıbdı çərxdə bəxtim sitarəsi. Yüz gün salır arayə fələk səngi-təfriqə, Saz olsa bir gün aşiqü məşuqun arəsi. Məndən ayırdı çərx o qaşı hilalımı, Yandırsa çərxi, var yeri, ahım şərarəsi. Dün gecə xəttü xalüvə baxdım o qədr kim, Ey zülfi-qarə, gözlərimin getdi qarəsi. Getmək qaşın xəyalı könüldən məhaldır, Məhşər ola sağalmaz o şəmşir yarəsi. Bimari-eşqə vermə davalər əbəs, təbib, Ölməkdən özgə yoxdu onun hiç çarəsi. Ol qaşı yayın oxlarını çəkmə sinədən, Çəksən salır cahanə xələl qan fəvarəsi. Ağzın xəyali etdi vücudum ədəm, mənim Yox özgə bir qəmim, bu sözün aşkarəsi! Bir zəxmi-cansitanla məni eylədi həlak, Can verdi, Seyyida, genə zəxmi-dübarəsi. * * * Yanımda eyləməyin eyb o mahi-tabanı Yanımda eyləməyin eyb o mahi-tabanı, Könül sevən gözəlin olmaz eybü nöqsanı. O zülfə dil verəni xatirim olubdur cəm, Məlamət eyləməyin çox da mən pərişanı. Üzari-yarım ara fövci-xətdi, ya bilməm, Sipahi-Rus tutub mülki-ali-Osmanı?! Sipahi-hərbi-Qaradağ edibdi Ruma hücum, Və ya ki, ləşkəri-xət tutdu ruyi-cananı. Hübablərmidi mövci-sirişkim içrə və ya Qara dənizdə vaporlar açıbdı yelkanı. Xədəngi-yarə gözüm xuni-dildən etdi qiza Ki, şahsevən tutar, ari, əziz mehmanı, Bu mülkün işrətini, Seyyida, qənimət bil Ki, tapmasan dəxi cənnətdə zövği-Şirvanı. * * * Tökülür gözlərimin, xəttini görcək, yaşi Tökülür gözlərimin, xəttini görcək, yaşi, Çox təəccübdü bulud səbzədən olmuş naşi. Yeni ay çəkdimi çərx üzrə fələk nəqqaşi, Ya salıb əks o məhi-çardəsalın qaşi? Sayeyi-nəxli-qədin sərvə düşəndən, ey gül, Ucalıbdır fələkə fəxr ilə sərvin başi. Qoydu tənha məni bu badiyeyi-möhnətdə, Yoxdu Məcnunda vəfa, gözləmədi yoldaşi. Gecə-gündüz ki, özü məsti-riyadır zahid, Badədən bəs nə üçün mən qılır ovbaşi? Kəbədə olsa da zahid ki, təvaf etməzdi, Səngi-meyxanədən olsaydı əgər bir daşi. Nəçidir şerdə Bixud sənə həmta olsun, Seyyida, püxtə ilən tən gələ bilməz naşi. * * * Ta könül seydinə səyyad o gözü qaş oldu Ta könül seydinə səyyad o gözü qaş oldu, Aləmə razi-nihanım dağılıb faş oldu. Zülfi-tərrarın olub gözlərinə yar, axır Bu qara oğru həramilərə yoldaş oldu. Nə bəlalər gətirir başıma bu dideyi-tər, Bu nə tufan, bu nə girdab, bu nə yaş oldu? Ey xoşa nəqşinə ol aşiqi-həqbinin kim, Nəqşdən pey aparıb aşiqi-nəqqaş oldu. Eşikin daşına ta dəgdi rəqibin qədəmi, Evim ol ləhzə yıxıldı, başıma daş oldu. Sədəfi-sinəm ara bəslədigim gövhəri-nab, Heyf taraca gedib qisməti-ovbaş oldu. Dün şümar eylədik aləmdəki divanələri, Axirül-əmr bu Seyyid hamıdan baş oldu. * * * Ta niqab arizinə zülfi-dütadən saldı Ta niqab arizinə zülfi-dütadən saldı, Məni ol mahliqa şurü həvadən saldı. Saldı könlümdən o gül özgə sənəmlər şövqin, Bütləri nayibi-həq beyti-xudadən saldı. Xəti-müşkini gəlib tutdu rüxi-cananı, Şamilər məmləkəti-Rumi səfadən saldı. Sübh sərməst çıxıb ta elədi rəfi-niqab, Arizi-beyzeyi-beyzanı ziyadən saldı. Neynəvadə məni bir şux ərəb qıldı əsir, Bu sınıq könlümü ney kimi nəvadən saldı. Eşq ilə salmış idi aləmə Məcnun səda, Onu divanəligim indi sədadən saldı. Seyyid, ol gülbədəni bəs ki vəfasız gördüm, Məni novmid edib, ümmidi-rəcadən saldı. * * * Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı, Alıb piyalə ələ yar meygüsarım olaydı. İçəydi badeyi-gülgun o gül piyalə-piyalə, Açaydı arizi güllər, cahan baharım olaydı. Fəzayi-bağü gülüstanə meyl etməz idim, mən, Əgərçi, şəhrdə bir yari-gülüzarım olaydı. Nişimən etməz idim mən diyari-qürbəti, ey dil, Rəqibi yar ilə görməkdə gər qərarım olaydı. O şuxün eşqinə məhcur xəlq edib məni xaliq, Riza olurdum əgər əldə ixtiyarım olaydı. Rəqib vurmaz idi xari-qüssədən mənə yarə, O gülüzar yanında gər etibarım olaydı. Bu gunə olmaz idi bivəfa o gül mənə, Seyyid, Əgər mənim də vəfasızlığa şüarım olaydı. * * * Sanma güldür gətirən səhni-gülüstanə məni Sanma güldür gətirən səhni-gülüstanə məni, Gülə sənsiz nəzər etsəm gətirər canə məni. Eylə billəm ki, mənə mənzil olur nari-səqər, Çəkələr sənsiz əgər rövzeyi-rizvanə məni. Zülfü xəttin həvəsi, ey güli-rəna, qoymaz Bağda mail olum sünbülü reyhanə məni. Dili-zarımda olan atəşi-eşqin axır Eylədi şəmi-rüxi-alüvə pərvanə məni. Qələt etdim ki, dedim müshəf o vəchi-həsənə, Tövbələr ver, qoy öpüm, tapşır o quranə məni. Muri-sərgəştəyəm ol Xızr-xətimdən ayrı, Sizi tari, yetirin mülki-Süleymanə məni. Seyyida, silsileyi-zülfünə oldum mail, Nə bilim kim, edəcəkmiş belə divanə məni. * * * Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu, Saqi, hanı xurşidi-mey, axır səhər oldu. Əğyar ilə ol qönçədəhən içdi meyi-nab, Ərbabi-vəfa həsrət ilə xuncigər oldu. Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux: Hay-hay! Bu da gəldi bizə bir dərdi-sər oldu. Verdim könül ümmid ilə bir özgə nigarə, Bədbəxtligim gör ki, bu ondan bətər oldu. Hər nəxli-təmənnayə ki, yaşımla su verdim, Əğyarə salıb sayə, mənə bisəmər oldu. Dildən keçib, əhvalı bilən yari-zəbandan, Mən ərzi-dil etdim ona, qəsdi-digər oldu. Sancıldı təni-zarıma gər oxları, Seyyid, Uçmağa səri-kuyinə bir balü pər oldu. * * * Ey könül, ol gül üçün naləvü zar etmə dəxi Ey könül, ol gül üçün naləvü zar etmə dəxi, Özüvü dideyi-əğyardə xar etmə dəxi. Həsrətindən bu qədər qanə ki, döndün bəsdir, Həvəsi-buseyi-ləli-ləbi-yar etmə dəxi. Bəsdir oldun bu qədər bəsteyi-zənciri-cünun, Həvəsi-silsileyi-zülfi-nigar etmə dəxi. Ömr payanə yetib, muyi-siyəh oldu səfid, Arizuyi-həvəsi-busü kənar etmə dəxi. Ziri-bari-qəmi-hər simbər olduq bəsdir, Bivəfalər qəmini bizlərə bar etmə dəxi. Öldürürlər, könül, ol kudən edər kim ki, güzər, Gər güzarın düşə, ol kuyə güzar etmə dəxi. Seyyida, əlbiseyi-əqldən oldun ari, Təni-hər aqilü fərzanədən ar etmə dəxi. * * * Hər aşiqi-dilsuxtə bir meyldə qaldı Hər aşiqi-dilsuxtə bir meyldə qaldı, Məcnuni-siyəhbəxt qəmi-Leylidə qaldı. Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum, Mən xətmi-kəlam etdim, o “Vəlleyl”də qaldı. Sandım ki, tutan damənini vəslə yetər, mən Tutdum ətəgin eylə, əlim zeyldə qaldı. Hər kəs ki, çatıb vəslüvə rizvanə yetişdi, Hicrində qalan çahə düşüb Veyldə qaldı. Tufanə verib mərdümi-çeşmim bu cahanı, Viranə könül kəşməkeşi-seyldə qaldı, Sərxeyli-cünun Qeys ilə Fərhad idi saydım, Seyyid, dəxi bizdən çıxıb, ol xeyldə qaldı. * * * Dustlər, mən görən ol dilbəri-ziba kim idi? Dustlər, mən görən ol dilbəri-ziba kim idi? Dağıdan gül üzünə zülfi-mütərra kim idi? Mən ki, bihuş düşüb, görcək özümdən getdim, Siz ki, huşyardız, ol afəti-dünya kim idi? Nə könül qoydu, nə can məndə, nə səbrü, nə qərar, Etdi qarət məni, ol şahidi-yəğma kim idi? Ol üzü cənnəti mən bilməsəm adəm degiləm, Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi? Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik, O bizə saqi olan yari-dilara kim idi? Doldu ənvari-məhəbbətlə genə sinə bu gün, Göstərən vadiyi-Sinadə təcəlla kim idi? Bu nə bəhcət, nə səfadır, nə sürurü, nə bəha, Sizi tari, o nigari-fərəhəfza kim idi? Kimdi bu məclisi-ürfanı bu şurə gətirən, Dövri-sağərlə verən badeyi-səhba kim idi? Gəldi göftarə ləbi, aləmi ehya elədi, Bu necə ruh idi, aya bu Məsiha kim idi? Çeşmi-Qibti nə bilir xilqəti-Harun sirrin, Nə bilir dəhrdə Firon ki, Musa kim idi? Olmasan badiyeyi-eşqdə Məcnun əgər, Bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi? Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif, Bilisən onda ki sən, Adəmü Həvva kim idi. Həq zühurunda hələ yolda qalıb iki gözüm, Bəs o həq məzhəri ayineyi-ülya kim idi? Qürrətül-eynüvə ömründə degilsən vaqif, Görə bilməz ki, cəmali-həqə bina kim idi. Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil, Gör kimə tabe olursan, sizə mövla kim idi? Neçə gün aləmi-nasutə gəlib oldu müqim, Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi? * * * Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi. Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi. Ələ al sən əyaği-badəni eylə kərəm, saqi. Nə oldu böylə kim, indi zəlili-ruzigar oldum, Məni piri-müğan saxlardı daim möhtərəm, saqi. Bilurin sağəri ləbriz qıl xurşidi-səhbadən – Ki, bizdən razı olsun xatiri-Cəmşid-Cəm, saqi. Xəyali-taqi-əbruyi-kəci-mehrab-mislinlə, Əlif tək qamətim keysulərin tək oldu xəm, saqi. Dəhani-yar fikrilə yox oldu cümleyi-varım, Vücudum oldu, gör bir nöqtə eşqində ədəm, saqi. Behişti verdi Adəm danəyə, mən daneyi-xalə, Olum qoy xaluva qurban özüm mən, həm dədəm, saqi. Tutulmuş qönçə tək hicrində qəmdən xatiri-Seyyid, Səri-minanı aç, xatirdən eylə dəfi-qəm, saqi. * * * Alıb qərarımı, gəl biqərar qoyma məni Alıb qərarımı, gəl biqərar qoyma məni, Şikəstə xatirü biqəmküsar qoyma məni. Alıbdı yaği gözün ixtiyarımı əldən, Fəda olum, belə biixtiyar qoyma məni. Əgərki öldürəsən intizardən xoşdur, Amandı, qanımı tök, intizar qoyma məni. Fəraqəti-dilü can məstlikdədir, saqi, Gözün fədası olum, huşiyar qoyma məni. Durubdu qətlimə cəlladi-çərx bipərva, Amandı, saqi, gözündən kənar qoyma məni. Gədayi-kuyinəm, ey şəhsüvari-ərseyi-hüsn, Bu zillət ilə sən, ey tacdar, qoyma məni. Əgərçi Seyyidəm, amma sənə qulaməm mən, Bu dərdü qüssədə, ey şəhsüvar, qoyma məni. * * * Ta məndən iraq ol büti-gülpirəhən oldu Ta məndən iraq ol büti-gülpirəhən oldu, Hər camə ki geydim, mənə qəmdən kəfən oldu. Sən beylə degildin mənə, ey ruhi-rəvanım, Məlum olur kim, səni bir ögrədən oldu. Rəhbər dedigim oldu mənə rahzən axır, Yusif görünən yar mənə Əhrimən oldu. Bəhreynə dönüb mövci-bəladən iki çeşmim, Hər qətrə ki, düşdü yerə dürri-Ədən oldu. Dil eylədi axır səri-zülfündə nişimən, İymanə gəlib maili-hübbi-vətən oldu. Nisfi-rüxünü xətti-siyəh tutdu o mahın, Gəldi Həmələ mehr, şəbü ruz tən oldu. Ol Yusifi-gümgəştə fərağında bu Seyyid, Yəqubə dönüb sakini-beytül-həzən oldu. * * * Xalü xətin olub dili-viranə oğrusu Xalü xətin olub dili-viranə oğrusu, Oldu iki qaraçı bu bir xanə oğrusu. Şəmi-cəmalə yandı könül, öpdü ləlüvi, Məqsuduna yetişdi bu pərvanə oğrusu. Məşşatə pak edər ərəqi-ruyi-yarımı, Lazımdı qəti-yəd ola dürdanə oğrusu. Ol gecədən ki, şanə dəgib tari-zülfünə, Sədçak könlümüzdür olan şanə oğrusu. Ləli-ləbin xəyalına düşmüş dili-həzin, Bu düzd olub xəzaneyi-şahanə oğrusu. Dil basdı bağrına bu gecə zülfi-pürxəmi, Zənciri-əqlin oldu bu divanə oğrusu. Xali-xəyali xali edib bəs ki, əqldən, Xirmən gəzib bu Seyyid, olub danə oğrusu. * * * Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu, Oldu, bu sərrafı gör, bir ləli-sirab oğrusu. Bağbandır baği-rüxsarında zülfün, ey pəri, Dil dilər ləli-ləbin, bu tifl innab oğrusu. Ta səhər çeşmin xəyalilə könül bidardır, Oldu ol sahir bizim bimardən xab oğrusu. Aldı pinhani dəhanın hər nə kim, var idi yox, Açmaq olmaz sirrini, müşküldü əhbab oğrusu. Xət gəlib rüxsarüvə, aldı əlimdən könlümü, Bu siyəh əyyarı gör kim, oldu məhtab oğrusu. Fal açıb rüxsarüvə zülfün qaraçilər kimi, Qarət etdi könlümü dəhrin bu qüllab oğrusu. Qaşları taqində xalı aldı könlüm, Seyyida, Oldu hər bir oğrudan bədtər bu mehrab oğrusu. * * * Dil aşiq olub zülfüvə sevdalərə düşdü Dil aşiq olub zülfüvə sevdalərə düşdü, Məcnun kimi zəncir ilə səhralərə düşdü. Ta camə üzün əksi düşüb, ey ləbi meygun, Çox xam-təmə qeyr təmənnalərə düşdü. Sirri-dəhənin söylədilər rəmz ilə mərdüm, Bu mübhəm olan nöqtə müəmmalərə düşdü. Zülfün elədi xatiri-üşşaqı nişimən, Ol şəkli-çəlipa bu kəlisalərə düşdü. Ta qətreyi-neysan ola dəndanüvə nisbət, Əl əbrdən üzdü, dili-dəryalərə düşdü. Gəh sərzənişi-xəlq, gəhi kineyi-gərdun, Eşqində başım, gör ki, nə qovğalərə düşdü. Yandırdı məni şəşəeyi-nuri-cəmalın, Musa kimi Seyyid bu təcəllalərə düşdü. * * * Bağdən fəsli-bahar ol güli-rəna getdi Bağdən fəsli-bahar ol güli-rəna getdi, Bağlər düşdü səfadən ki, təmaşa getdi. Nə əcəb gər axa Zəmzəm kimi əşki-çeşmim, Nəzərimdən mənim ol Kəbeyi-ülya getdi. Getdi ta silsileyi-zülfi əlimdən o məhin, Qurtarıb ömr, başımdan dəxi sövda getdi. Dəxi sən, ey dili-bimar, dəvasız qaldın, İndi ol mərgüvə amadə, Məsiha getdi. Etmədi aqibəti-karüvi Məhmudi-xuda, Ol Əyazi-dilü can, şivədə Leyla getdi. Dedi minbəd sənə atəşi-duzəxdi məqam, O üzü baği-cinan, qaməti Tuba getdi. Seyyida, getdi o kim, gəlmiş idi Şirvanə, Qaldı surət kimi bu şəhr, o məna getdi. * * * Ey rövzeyi-behişt cəmalın nişanəsi Ey rövzeyi-behişt cəmalın nişanəsi, Kövsər o ləli-şəhd-misalın nişanəsi. Duzəx nümuneyi-ələmi-dərdi-firqətin, Cənnət nəimi-baği-visalın nişanəsi. Bülbül nəvayə gəlməz idi şuri-eşq ilə, Gül olmasaydı arizi-alın nişanəsi. Etməzdi hiç kəs Həcərül-əsvədi təvaf, Gər olmasaydı üzdəki xalın nişanəsi. Mehrabə Seyyid etməz idi, baş əgib, namaz, Tağında olmasaydı hilalın nişanəsi. * * * Xət gəldi rüxi-yarə füzun oldu səvadı Xət gəldi rüxi-yarə füzun oldu səvadı, Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı. Ol gül məni, gör, eylədi məşhuri-qəbayil, Eylə ki, Ədi şöhrə edib qovmi-Əyadı. Ey bari-xuda, hasil elə yar muradın, Gər qətlim isə dəhrdə mətlubü muradı. Vaiz eləyir mənfəəti-badəni inkar, Meyxarələrə gör ki, nə əfzundu inadı. Zahid işi zahirdə əbadır və duadır, Məlun kişidir, hiyləvü təzvir nihadı. Bu əsrdə yox gövhəri-ürfanə xəridar, Ey bari-xuda, lütflə rəf et bu kəsadı. Ey kaş, qoyaydın itinin adını Seyyid, Gəh-gah dəgəydi ləbi-şirinüvə adı. * * * Derdim ki, könül zirü zəbər olmasın, oldu Derdim ki, könül zirü zəbər olmasın, oldu, Həmvarə gözüm əşklə tər olmasın, oldu. Derdim ki, xətin tutmaya dövri-məhi-ruyin, Bu fitnə əyan dövri-qəmər olmasın, oldu. Ömrüm tükənib, oldu nihayət şəbi-vəslin, Etdim ki dualar, bu səhər olmasın, oldu. Baği-dili-şeydadə olan nəxli-məhəbbət, Derdim belə bibərgü səmər olmasın, oldu. Çəkdim o qədər ah ki, ol sərv cəmalı Sərkəşlər üçün məddi-nəzər olmasın, oldu. Rəşk öldürəcəkdi məni, ol muy-miyanın Ortayə gəlib zibi-kəmər olmasın, oldu. Seyyid, dilüvi lal eləsin qadiri-sübhan, Derdim ki, dili-yarə kədər olmasın, oldu. * * * Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu, Dedim bir cürə ondan, aləmə qanım səbil oldu. Dəhanından səri-mu qədri söz izhar qılmışdım, Düşüb söz aləmə varü yox üstə qalü-qil oldu. Desəm peyğəmbəri-əsrəm, degildir küfr, zira kim, Pəyamım vəhyi-münzəl, qasidim bir Cəbrəil oldu. Əgərçi, yandı könlüm hicr odundan, kuyüvə, ey məh, Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu. Ayırdı ol əzizi nagəh ixvanın cəfasından, O Yusif firqətindən hər gözüm bir rudi-Nil oldu. Çü gördü qəmzeyi-fəttanını, xovfindən Əzrail, Kəməndi-zülfüvə saldı özün, miskin dəxil oldu. Zərurətlə çü gəldi aləmi-nasutə ol gülrux, Əzizi-aləm ikən Seyyidin xarü zəlil oldu. * * * Bir də bəzmimdə mənim ol büti-novşad olumu? Bir də bəzmimdə mənim ol büti-novşad olumu? Görəsən qəmli könül bir də dönüb şad olumu? Ol qədi sərvi-rəvan başə salarmı sayə, Dili-qəmpərvərimiz qüssədən azad olumu? Özün insaf qıl, ey padişəhi-kişvəri-hüsn, Səni əğyar ilə gördükdə könül şad olumu? Zülfi-müşkinini eylərmi genə canə kəmənd? Genə dil seydinə ahu gözü səyyad olumu? Cövri-yar oldu füzun, saqi, gözün qurbanı, Rahət üçün mənə mey ta xəti-bəğdad olumu? Özün insaf elə, ey ləbləri şəhdü şəkkər, Ləbi-şirinüvə bir mən təki Fərhad olumu? Almadı tərbiyətin piri-muğanın Seyyid, Cövhəri naqis olan qabili-irşad olumu? * * * Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni, Topraqdən götürmüsən, ey dilrüba, məni. Qurban bu mehribanlığa, ey Kəbeyi-ümid, Bundan sora çevir başuva, qıl fəda məni. Hər yerdə kim, olam sənin, ey şəh, qulamınam, Yazmış sənə qulam əzəldən qəza məni. Hər gün sənin hüzuruva mən gəlmək istərəm, Bu əmrdən mümanəət eylər həya məni. Cami-mey ilə həmdü səna söhbətin yazıb, Guya təsəvvür etmisən əhli-riya məni. Xaki-dərindən olduğuma neçə gün cüda, Ey dust, gərçi yazmış idin bəd əda məni. Rahi-məhəbbətində sənin olmamış şahid, Səndən, ilahi, eyləməsi həq cüda məni. Düşnam olsa da, mənə şirindi sözlərin, Seyyid kimi hesab eləmə bivəfa məni. * * * Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü, Kurdir hüsnün şüasından Sürəyyanın gözü. Zahidi-kəcbin nə bilsin arizin əsrarını, Feyz aparmaz gül tamaşasından əmanın gözü. Dil edər naqus tək fəryad dərdi-hicrdən, Sən ki, çıxdın dışraya, çıxdı kəlisanın gözü. Canuva canlar fəda kim, sənsən ey tərsa-beçə Məryəmin canı, Məsihin ruhu, İsanın gözü. Bəs ki etmiş ruzü şəb, ey tifl, fikri-qamətin, Görməyir bir hərf əlifdən qeyri mollanın gözü. Ənbəri-sarayə meyl etməzdi, ey ahunigah, Zülfi-müşkinin əgər görsəydi Saranın gözü. Seyyida, müşkül qalır ol mahi-nurəfşan tək – Kim, qalıbdır ol hilaləbrudə dünyanın gözü. * * * Bir könül ki, ola ol mahliqadən xali Bir könül ki, ola ol mahliqadən xali, Bu yəqinimdir olur nuri-xudadən xali. Düşəni könlümə rüxsari-münirin mehri, Bu siyəh xanə degil hiç ziyadən xali. Nafeyi-Çin demişəm zülfi-əbirəfşanın, Bilmişəm kim, degiləm səhvü xətadən xali. Dili-pürxunə dəgəndən bəri tiri-sitəmin, Dil degil hiç bu ehsanə duadən xali. Necə izhar eləyim dərdi-nihanım o gülə, Ki degil, yanı onun badi-səbadən xali. Xalı bir nöqtədir, amma ki, edib yüz dili seyd, Hiç bir nöqtə degil əmri-qəzadən xali. Seyyida, sən kimi aşiq degil ol zülfə əgər, Niyə ayrılmayır ol zülfi-dütadən xali. * * * Əlminnətü-lillah, qəmə qəmxar tapıldı Əlminnətü-lillah, qəmə qəmxar tapıldı, Qəm çəkməyə bir yari-həvadar tapıldı. Səd şükr ələ gəldi şəriki-qəmü möhnət, Aləmdə mənə yari-mədədkar tapıldı. Maildi məgər çərxi-cəfakar vəfayə – Kim, bir bu sifət yari-vəfadar tapıldı? Düşmüşdü mətai-hünərü fəzl kəsadə, Şad ol ki, könül, rövnəqi-bazar tapıldı. Qalmışdı tərazuyi-gözümdə düri-əşkim, Yüz şükr ki, bu dürrə xəridar tapıldı. Asandır o qəm ki, ola qəmxarı cahanda, Şadəm ki, əlaci-qəmi-düşvar tapıldı. Seyyid, o səri-kuy iti oldu sənə həmdəm, Avazüvə avaz verən yar tapıldı. * * * Budur o fitnə ki, siz eylədiz fəsanə məni Budur o fitnə ki, siz eylədiz fəsanə məni, Məhəbbətində şəhir eylədiz cahanə məni. Budur o kiprigi ox, dilbəri-kəmanəbru – Ki, tiri-tənəyə siz eylədiz nişanə məni. Bu ol bahari-dilaradı kim, həvası ilə Bahari-ömrüm ara döndərib xəzanə məni. Xəzanələr verib aldım bu dürri-seyranı, Yetirdi gənci-xudavəndə ol xəzanə məni. Nə xəndə, giryeyi-bifeyzdir işim şəbü ruz, Əgərçi döndərib eşqində zəfəranə məni. Fərat aşdı başımdan və leyk mən təşnə, Yaxıbdır odlara, ey vay, aşiqanə məni. Əzizi-aləm ikən dilfikar Seyyid tək Edibdi xar belə gərdişi-zəmanə məni. * * * Qurban olum o gözlərə kim, gördü yarımı Qurban olum o gözlərə kim, gördü yarımı, Yarım görən göz, əlbət alır ixtiyarımı. Qoy bir öpüm o gözləri kim, yarımı görüb, Qurban edim o gözlərə mən hər nə varımı. Nərgiz gözü qalır açıla görsə bağdə, Çeşmi-xumarü sərv-qədü gülüzarımı. Mərdümlük olmadı mənə çün çeşmi-yardən, Kəsdim gözümdən axırı öz etibarımı. Bimarı olmuşam mən o badami gözlərin, İnnab gözlərim eləsin fikri-karımı. Şadəm ki, xak edə məni bu çərxi-kəcmədar, Damani-yarimə yetirə ta qübarımı. Seyyid, o gün olurmu genə səhni-bağdə Xürrəm görüm şüküftə güli-novbaharımı? * * * Rüxsarı gərçi çahdə pür abü tab idi Rüxsarı gərçi çahdə pür abü tab idi, Guya ki, bürci-Dəlvdə bir afitab idi. Olmaz bahar mövsimi gün Dəlvdən əyan, Amma o şəms Dəlvdə şeyün-ücab idi. Görmüşdü Xızr abi-bəqanı o çahdə Pəs gözlərində çeşmeyi-heyvan sərab idi? Ol Dəlvi-asiman idi, Yusif bir afitab, Sanma ki, həbli-müşki-siyəhdən tənab idi. Atəş büruzə gəldi o çah içrə abdən, Mənzuri-karvan o zaman gərçi ab idi. Qəvvas olub Bəşir o dəryayi-çahdə, Hasil o bəhrdən ona bir dürri-nab idi. Əyyami-vəsl getdi əlindən bu Seyyidin, Guya ki, bəzmi-vəsl xəyal idi, xab idi. * * * Aşüftəligim zülfi-siyəhtarı bilirmi? Aşüftəligim zülfi-siyəhtarı bilirmi? Ya rəb, görəsən dərdi-dilim tari bilirmi? Bilməz, bilirəm yar mənim suzi-nihanım, Tufanə dönən göz yaşımı, bari, bilirmi? Girəm bu gecə qaldı gözüm yolda, nə nəfi, Ol mah özü etdigi iqrarı bilirmi? Girəm ki, dögər başını səccadəyə zahid, Tərsadə olan məniyi-zünnarı bilirmi? Vaiz ki, deyir mey içənə əhli-cəhənnəm, Bir məğfirəti-qadiri-qəffarı bilirmi? Abid ki, edir cənnət ilə Kövsərə rəğbət, Meyxanə ilə badeyi-gülnarı bilirmi? Seyyid ki, bilir öz-özünü mərifət əhli, Bircə soruşun, feyzi-dəhü çarı bilirmi? * * * Ey əndəlib, rövnəqi-gülzar qalmadı Ey əndəlib, rövnəqi-gülzar qalmadı, Gül qarət oldu, xarə dəxi yar qalmadı. Əğyardən həmişə edərdin şikayəti, Səd şükr kim, zəmanədə əğyar qalmadı. “Nətvis-Süha” büruzə gəlibdir əyan bu gün, Dövrü qutardı, günbədi-dəvvar qalmadı. Gün çıxdı, məhv oldu cahandan sitarələr, Cüz nuri-şəms, şöleyi-ənvar, qalmadı. Üzlər təvəccöh eylədi şəmsi-həqiqətə, İqbalə döndü, kimsədə idbar qalmadı. Ənhari-kəsrət oldu rəvan bəhri-vəhdətə, Qeyr əz xudayi-vahidü qəhhar qalmadı. Bütlərdən oldu beyti-xuda pak, ey könül, Yarımdan özgə xanədə dəyyar qalmadı. Seyyid, mətai-şerini bazarə çəkmə sən, Sərraf getdi, zərrə xəridar qalmadı. * * * Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı, Səri-kuyində yarın bir fəqiri-müztərim qaldı. Çağırdı bəzmi-işrətdən rəqib, ol mehriban getdi, Səbu zanudə, mey minadə, əldə sağərim qaldı. Gedib Fərhadü Məcnun, dəhrdən, mən qalmışam tənha, Nə bir həmdəm, nə bir munis, nə yarü yavərim qaldı. Vücudimi fələk, ari, qılıb nəqşi-əvarizdən, Bu aləmdə mənim zati olan öz cövhərim qaldı. Diriğa, dərd kim, gəldi əcəl, mən getdim aləmdən, Rəqibi-bülhəvəslərlə o mahi-ənvərim qaldı. Cigər pərkaləsindən vermədin tabutuma zinət, Təmamə yetmədi getdim, cahanda zivərim qaldı. Bihəmdilləh ki, qaldı yadigar əşari-canbəxşim. Əgərçi, Seyyida, nə mülkü malü nə zərim qaldı. * * * Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi, Qalmışam viranələr küncündə mən bayqu kimi. Zikr edərsəm gecələr ağzım sulanı zövqdən, Bir süreyni var o şuxun balişi-pərqu kimi. Dürri-dəndanı qəmindən qətrə-qətrə göz yaşım Tiri-müjganı tutulmuş rişteyi-lölu kimi. Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban, İçdim, amma ləblərindən ayrı, bir ağu kimi. Sərvə derlər meyvə verməz, bəs nədir, ey sərvqəd, Pirəhəndən baş verib püstanların limu kimi? Gözlərin ahuya bənzətdim, xəta etdim, o şux Aqibət məndən rəmidə oldu bir ahu kimi. Yarələnmiş mixləbi-şəhbazi-çeşmindən məgər, Nalə eylər ruzü şəb miskin könül yahu kimi. Ruyi-atəşnakın üstə zülfün oynar dəmbədəm, Löbət izhar eylər atəşbaz olan hindu kimi. Sünbüli-zülfünlə ta ki, mərhəm etdim zəxmimə, Bu verir hər gecə zəxmim bir güli-şəbbu kimi. Seyyida, kilki-Müsəvvirdir əsayi-Musəvi, Sən ona hərgiz nəzirə söyləmə cadu kimi. * * * Gər vəsli-yar olmaz, mən neylirəm baharı Gər vəsli-yar olmaz, mən neylirəm baharı, Yüz min bahar olsa olmaz könül qərarı. Gülzarə gül gəlincə tək bəzmə yar gəlsin, Hərçənd yoxdu yarın bir gülcə etibarı. Sünbül xəcalətindən başın aşağə salmış, Yarımda gördü yoxsa, ol zülfi-müşkbarı. Udi-Qumarə bənzər, yarın şəmimi-zülfü, Bir tarı bəst edibdir yüz nafeyi-tatarı. Ey dil, əlim üzüldü ol zülfi-tardən kim, Tari nəsib qılsın bir də görüm o tarı. Bir sərv həsrətindən hər su rəvandır əşkim, Bir cuyə etmə nisbət bu çeşmi-əşkbarı. Gül-gül olub sirişkim, gülzar olub kənarım, Mən neyləyim baharı, ya bağü laləzarı? Dəfn eyləyin bu nəşim yollar kənarı üzrə, Şayəd ki, qəbrim üstə yarın düşə güzarı. Saqi, əlin fədası, dur bir əyağ doldur – Kim, Seyyidin bu şəbdən başında var xumarı. * * * İntizarım həddən ötdü, gülüzarım gəlmədi İntizarım həddən ötdü, gülüzarım gəlmədi, Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi. İntizar ilə gözüm yollarda qaldı, ey xuda, Ol gözüm nuri, üzü xurşidvarım gəlmədi. Rişteyi-ömrüm yanar suz ilə nari-firqətə, Ey könül, od tut ki, şəmi-şami-tarım gəlmədi. Eylədin axır məni, ey çərx, Yusifdən cüda, Misri-könlüm təxtinə ol tacidarım gəlmədi. Guy tək qaldı bu meydan içrə sərgərdan başım, Əldə çovkən, ərsəyə ol şəhsüvarım, gəlmədi. Vermədi badi-səba müjdə qübari-məqdəmin, Seyyida, dərmani-çeşmi-əşkbarım gəlmədi. * * * Eşq əhli oldu hər biri bir canə müştəri Eşq əhli oldu hər biri bir canə müştəri, Pərvanə oldu şəmi-şəbistanə müştəri. Eşq aləmində himməti-mərdanə göstərib, Bir qarı oldu Yusifi-Kənanə müştəri. Varın verən, deyəllər, utanmaz, məsəldi bu, Can nəqdi əldə oldum o cananə müştəri. Rüxsari-yarı iqdi-ərəq cilvəgah edib, Pərvin olubdu mehri-dirəxşanə müştəri. Lazım dəgil pədər sənə, ey mehriban pəsər, Dürri-yətimə çox olu mərdanə müştəri. Ahım şərarı Müştəriyi-çərxi yandırar, Ol aşinayə gər ola, biganə müştəri. Vəsfi-ləbi-nigarı qılıb əşki-al ilə Seyyid olubdu ləli-Bədəxşanə müştəri. * * * Öldürür gərçi, könül, həsrəti-pabus səni Öldürür gərçi, könül, həsrəti-pabus səni, Var ümidim ki, fələk etməyə məyus səni. Zahidin etmə nəzər cameyi-pəşminəsinə, Könül, aldatmasın ol xirqeyi-salus səni. Bu dili-şişəmisalında nədir rişteyi-can, Yeri vardır desələr şöleyi-fanus səni. Ey fələk, gəl ki, bir əgri oturub düz danışaq, Əsəri-ahım edibdir belə mənkus səni? Vəsldə göz yumuban arizi-yarə baxıram, Edərəm hicrə, könül, vəsldə pabus səni. Görmədim bir dil açan yer dəri-dildar kimi, Ey səba, kim elədim hər yerə casus səni. Bu qədər hicrdə əfsus çəkərsən Seyyid, Öldürür axırı, əfsus, bu əfsus səni! * * * Neylərəm gülşəni kim, ol güli-əhmər getdi Neylərəm gülşəni kim, ol güli-əhmər getdi, Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi. Ahü nalə dəmidir eylə fəğan, ey bülbül, Qaldı yüz xar bu gülşəndə, güli-tər getdi. Getdi ol cövhəri-can, qaçdı mənim rəngi-rüxüm, Bu ərəz oldu tələf, ah, o cövhər getdi. Düşəcəkdir dəxi minbəd işim nöqsanə, Tutulub, məndən o məhparə mükəddər getdi. Qərq edib əşk məni, atəşi-rüxsarüvi aç, Sən qurban olub, əldən bu səməndər getdi. Yengi ay tək görünürdü qaşı, zülf aldı onu, Ah! Əbr altına ol mahi-münəvvər getdi. Ta ki, öpdüm ləbi-canpərvərin ol hurvəşin, Xatirimdən həvəsi-çeşmeyi-Kövsər getdi. Getdi ol yasəməni zülf, salıb yasə məni, Yasimə bais olub, ah, o səmənbər getdi. Getdi Seyyid dolana kuyin o xalı həcərin, Heyf kim, Kəbə təvafinə o kafər getdi. * * * Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi, Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi. Könül xəlvətsərayi-vəsldə sərdar ikən, birdəm Qılıb ol məh bizi hicrində zarü mübtəla getdi. Gözümdən xaki-payın aldı seyli-əşk tufanı, Əcəbmi kur ola çeşmim ki, ondan tutiya getdi. Nola çıxsa fəğanım çərxə hər bir üstüxanımdan – Ki, bu üzvi-şikəstimdən bu gün ol mumiya getdi. Xəyali-zülfü xalü arizindən ol güləndəmın, O qədri ağladım, axırda çeşmimdən qəra getdi. Qaraldı ruzgarım, Seyyida, hicrində ol mahın Ki, guya səfheyi-afaqdən nuri-xuda getdi. * * * Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari, Yaratmışdır səni öz surətində həzrəti-bari. Əgərçi sən büti-Çinü Xətasən, ey sənəm, əmma Səni zikr etməyən kəs, etməyib tovhidə iqrari. Adın qurbanı, ta yetdim sənə, tovhidə yetdim mən, Atıb təsbihi əldən, tərk qıldım tari-zünnari. Xudanın “qülhüvəllahü əhəd”dən mətləbi sənsən, Sənin tovhidüvə əmr eyləyib ixlasdə tari. Şəmimi-ətri-zülfi-Müşkbarın iştiyaqından Atıbdır təblədən əttar dışra müşki-Tatari. Soruşdum aduvi, ey sərvqamət, bilmədi zahid, Müşəxxəs oldu kim, yoxdur onun tovhidə iqrari. Təcəllayi-xudavəndi əhəd yarında peydadır, Hanı Musa ki, Seyyid, fərq qılsın nurdən nari. * * * Cəfa oxunu atır qeyrə ol yeganə, haray! Cəfa oxunu atır qeyrə ol yeganə, haray! Xədəngi-qəmzəsinə olmadım nişanə, haray! Əgər ki, güldə vəfa görsə idi bülbüli-zar, Bu qədr suz ilə etməzdi yanə-yanə haray. Görə harayımı şayəd o şəh, sora halım, Harayımı özümə eylərəm bəhanə, haray! Tənim hilal kimi günbəgün zəif oldu, Yetişmədi əlim ol mahi-dilsitanə, haray! Hanı o qaşı kəmanım ki, yetsin imdadə, Rəqib qoydu oxun çilleyi-kamanə, haray! Mərizi-dideyi-yarəm hanı o İsa-dəm, Ucaldı naləvü fəryadım asimanə, haray! Könül binasını yıxdı sirişki-çeşmi-tərim, Qəmində seyli-fənayə gedir bu xanə, haray! Piyadə dəştdə ol şahdən cüda düşdüm, Yetir bu bikəsi, ey Xızr, karvanə, haray! Xəyali-zülfü rüxi-ol pərilə leylü nahar, Cünun təki mənə adət olub fəsanə, haray! Təğafül ilə bu gün ötdü yar Seyyiddən, Yəqin rəqib salıb yarı bəd gümanə, haray! * * * Çıxmaz dili-zarımdan o rüxsar xəyalı Çıxmaz dili-zarımdan o rüxsar xəyalı, Bülbüldə əcəbmi ola gülzar xəyalı? İstər könül ol arizi-gülgunu ərəqnak, Gül görsə, gülabə olur əttar xəyalı. Şövqi-dəhənü fikri-rüxündə sənin, ey gül, Mən eyləmərəm hiç yoxü var xəyalı. Peyvəstə namaz üstə düşür yadıma zülfün, Üz Kəbədədir, qəlbdə zünnar xəyalı. Hər kimsənə bir şey gətirir fikrü xəyalə, Məcmudən əfzəldi mənə yar xəyalı. Cənnət nə gərəkdir mənə gər olmasa röyət, Xoşhal qılıbdır məni didar xəyalı. Bu xəstə könül ərşi-xudavəndi-əhəddir, Gəlməz dili-məhzunuma əğyar xəyalı. İstər tuta dil türreyi-pürpiçini, ey mah, Əfsungərə adətdir olur mar xəyalı. Seyyid verər öz canını rəşkü həsədindən, Gəlsə dili-pürxununa dildar xəyalı. * * * Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu, Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu. Dildar tutub ruzə, zəf oldu ona qalib, San yengi çıxan aydır, çərx üzrə əyan oldu. Qaçmış o güli-alın ləli-ləbinin qanı, Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu. Aşüftə olub kakil əbruyi-kəcin tutdu, Mah idi bu eyd üçün əbr içrə nihan oldu. Açıldı dəri-məscid, cəm oldu riya əhli, Bağlandı səri-mina, qəmdən xəfəqan oldu. Niyyət gecəsi verdim iymanı, şərab aldım, Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu? Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim, Sərməstligim, saqi, məşhuri-cahan oldu. * * * Dilü can valehi-hər gülrüxi-cananə idi Dilü can valehi-hər gülrüxi-cananə idi, Gərçi cananələrin qəsdi dilü canə idi. Könlümə düşmüş idi, bir neçə bütlər həvəsi, Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. Suzişi-nari-cəfadən eləməzdi pərva, Harda bir şəm görə dövrünə pərvanə idi. Dili-şeyda səri-geysulərə olmuşdu əsir, Bağlanıb silsileyi-eşqdə divanə idi. Harda bir rişteyi-zülf olsa, olurdu mənə dam, Kimdə bir daneyi-xal olsa mənə danə idi. Hər büti-gülrüxi-peymanşikənin eşqi mənə, Əhdü peymanımızın şahidi peymanə idi. Göftguyi-ləbi-şirinü şəkərdən qeyri, Hər nə kim söhbət ola Seyyidə əfsanə idi. * * * Təsəvvür eyləmə kim, məst edibdi badə məni Təsəvvür eyləmə kim, məst edibdi badə məni, Gözündü məst qılan badədən ziyadə məni. O tari-türrələrin eylə boynuma zəncir, Cünuna var həvəsim, qoyma biqəladə məni. Ümid var ki, tutam bir tərəfdə damənini, Sovursalar kül edib firqətində badə məni. Mənəm ki, aləm ara şəhsüvari-izzət idim, Bu ərsəgahdə mat etdi bir piyadə məni. Yavuqdu kim, bu fərəhdən öləm, eşitdim çün Şəhid qılmağa yar eyləyib iradə məni. Muradım ol məh əlində şəhid olmaqdır, Nolur yetirsə fələk rəhm edib muradə məni. Cəmali nəqşini sinəmdə səbt edib, Seyyid, Salıbdı rəngə bu gün ol nigari-sadə məni. * * * Ey dil, genə ol şöbədəgər yadıma düşdü Ey dil, genə ol şöbədəgər yadıma düşdü, Piranəsər ol sadə pəsər yadıma düşdü. Gördüm gülü, oldu üzünə həsrətim əfzun, Baxdım aya ol rəşki-qəmər yadıma düşdü. Heyrətdə idim bunca nədir gözdən axan qan, Ol qanə dönəm xəstə cigər yadıma düşdü. Vəslində keçən günləri kim, gəldi xəyalə, Daxi deyə bilməm ki, nələr yadıma düşdü. Kim getdi, dedim, nəkhəti-zülfün mənə yarın, Nagəh o zaman badi-səhər yadıma düşdü. Bir kimsə dedim varmı ki, rüxsaruvi öpsün, Ari, o qara zülfün öpər, yadıma düşdü. Olmuş kimə məqdur dedim vəsli-miyanı, Seyyid, gəlibən fikri-kəmər yadıma düşdü. * * * Zülf arasında könül arizi-dilbər tapdı Zülf arasında könül arizi-dilbər tapdı, Bu qaranlıq gecədə mahi-münəvvər tapdı. Tutiyi-can ləbüvə püstə xəyalilə yatıb, Həbbəza, taleyi-fərxəndə ki, şəkkər tapdı. Tapdı ol dürri-giranmayəni axırda rəqib, Gör ki, xərmöhrə bu aləmdə nə gövhər tapdı. Tiğ pak etdi xəti arizi-ziybasından, Bülbül əyyami-xəzan bir güli-əhmər tapdı. Şükrlillah ki, könül qəmlərüvə gətdi pənah, Özünə aləm ara yar ilə yavər tapdı. Aldı divanə könül daməni-Məcnunu ələ, Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı. Seyyida, mövsümi-güldür, hamı dilşad oldu, Bir məni piri-müğan zarü mükəddər tapdı. * * * Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni, Gizlədir indi, nigarım, qeyrilər məndən səni. Qoy xədəngi-möhnətin rövzənlər açsın sinədən, Dil görə, ey mahrüx, şayəd bu rövzəndən səni. Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən, Fərq qılmaz bağban, ey sərv, gülşəndən səni. Gərçi, nöh əflaki-kəcrov səxtdir, ey tiri-ah, Qorxma, pərran eylərəm suz ilə cövşəndən səni. Sən dua eylə yetim, ey can, bu gün çananıma, Hiç qəm çəkmə qutarram məhbəsi-təndən səni. Mən hara, həngameyi-vəslin hara, ey şəmi-hüsn, Od tutub pərvanə tək yannam görəm gendən səni. Seyyida, hər kimsənə bir mətləb istər dəhrdən, Mətləbim yox qeyrdən, mən istərəm səndən səni. * * * Hər dəmdə qıllam ney tək nəvani Hər dəmdə qıllam ney tək nəvani, Saldın nəzərdən mən binəvanı. Siccinə düşdüm hicri-rüxündən, “Tərif məkanı, ya mən yərani”. Yandın bu narə, xak oldun, ey dil, Tök ab gözdən, tərk et həvani. Qönçə dəhanın əsrarın açma, Sən məhrəm etmə badi-səbani. Ol çini-zülfə gər nisbət etsəm, Billah xətadır müşki-Xətani. Kakil qəmindən var sərneviştim, Döndərmək olmaz başdan qəzani. Arif gözündə vəhdətdi kəsrət, Kəsrətdə seyr et zati-xudani. Zahirdə kəsrət, batində vəhdət, Vəhdət gözüylə gör masivani. Dəryadi qətrə, dəryayə düşsə, Düş bəhri-eşqə eylə şitani. Gər zati-həqqi bulmaq dilərsən, Əğyarı tərk et, tap Mürtəzani. Aləmdə yoxdur bir ondan özgə, Əhvəl degilsən bir görsən ani. Zati-Məhəmməd zati-Əlidir, İki bədəndə bir bil o cani. Sirri-dəhanın faş etmə Seyyid, Nadana açma razi-nihani. * * * Qəmindən qönçə tək dil qanə döndü Qəmindən qönçə tək dil qanə döndü, İşim bülbül kimi əfğanə döndü. Yaman göz yaxşı dəgdi vəsli-yarə, Visalım möhnəti-hicranə döndü. Pərişan, tirəbəxt, aşuftəhaləm, Günüm ol zülfi-müşkəfşanə döndü. Kənarımdan çün ol dürr oldu qaib, Gözüm yaşı axıb Ümmanə döndü. Həzər qıl macərayi-çeşmi-tərdən, Sirişkim bəhri-bipayanə döndü. O dürri-gənci-hüsnün firqətindən, Könül bir mənzili-viranə döndü. Dəxi səngi-cəfadən xali olmaz, Du çeşmim kəffeyi-mizanə döndü. Rəqibi-bülhəvəs məqsudə yetdi, Dili-Seyyid cəfadən qanə döndü. * * * Bir bilmədim axır niyə bu qaş gözə gəldi Bir bilmədim axır niyə bu qaş gözə gəldi, Çıxsın gözü, əğyar gözündən gözə gəldi, Derlərdi vücudi-dəhəni-yar ədəmdir, Ol nöqteyi-sərbəst açıldı, sözə gəldi. Tiğ etdi xətin pak üzündən o nigarın, Əlminnətü-lillah, gecəmiz gündüzə gəldi. Dil ruzi-ələst etdi qəbuli-qəmi-eşqin, Nasutə qədəm qoydu, bəlayə dözə gəldi. Tar eyləyən ol ayinəni dudi-dilimdir, Sən böylə xəyal etmə ki, xəttin üzə gəldi. Tufani-sirişkim çəkilib ruyi-zəmindən, Gördükdə onu Kuhkən indi düzə gəldi. Gördü ölürəm həsrəti-çeşmindən o şuxun, Sormağa qəmim, çeşmi-xumarım sözə gəldi. Bir söz, yüzə gəlməz sənə ol şahidi-məqsud, Seyyid, tutalım sali-həyatın yüzə gəldi. * * * Aldım ələ peymanə, təvəkkültü əlallah! Aldım ələ peymanə, təvəkkültü ələllah! Oldum genə rindanə, təvəkkültü ələllah! Düşdüm həvəsi-silsiləyi-zülfi-nigarə, Oldum genə divanə, təvəkkültü ələllah! Ol həlgəyi-zülfündə görüb gəndümi xalın, Aldatdı məni danə, təvəkkültü ələllah! Qorxum budu cəm’iyyətimiz ola pərişan, Yar aldı ələ şanə, təvəkkültü ələllah! Mən aşiqi-divanə, uşaqlar əli daşlı, Çıxdım yenə meydanə, təvəkkültü əlallah! Zünnar salıb boynuma zülfi-siyəhindən, Döndüm genə Sən’anə, təvəkkültü ələllah! Seyyid məni tərdəməni vəslində bilibdir, Düşdüm quruu böhtanə, təvəkkültü ələllah! * * * Əmərəm ləblərini ta nəfəsim var mənim Əmərəm ləblərini ta nəfəsim var mənim, Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim. Gəldi qanımı töküb yar qurtarsın qəmdən, Şükr lillah ki, könül, dadrəsim var mənim. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan, Qoy nəva neytək edim ta nəfəsim var mənim. Mürği-baği-mələkutəm qəfəsi-çərxe əsir, Bu əcəb təng olan gör qəfəsim var mənim. Bikəsəm aləm əra, dərdü qəmindən özgə, Nə həvadarü nə yavərü nə kəsim var mənim. Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən, Ey könül, böylə deyil, pişü pəsim var mənim. Karivan getdi, könül, qafil edirsən nalə, Dəmbədəm naləvü bəngi-cərəsim var mənim. Mövti-cismanım ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim. * * * Kim ki, eylərsə libasini mübəddəl kəfənə Kim ki, eylərsə libasini mübəddəl kəfənə, Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə. Vətənə, ey Vətən övladi, himayət günüdür, Toplaşun düşməni dəf etməyə hər əncümənə. Salınız nərəvü təkbir ilə dünyayaə şərər, Nəhydir Şəridə kim, rəhm eləmək rahzənə. Çalınız səngdil ədu başına xəncəri-tiz, Bəlkə bu hübb ilə təlim edəlim Kuhkənə. Dəmi-hümmət, dəmi-qeyrət, dəmi-fürsətdi bu gün, Rəsmi-mərdanəliyi göstərəlim mərdü zənə. Kişiyə cəng günü vahimə şayəstə degil, Kişinin qani gərək rəng verə pirahənə. Qövmi-Yəcucə tərəf səddi-Skəndər kimi dur, Göz yaşı tökmə, həya qıl, kömək ol səfşikənə. Bağiban ol, Vətənin bağinə dirlik suyu ver, Əsməyə badi-xəzan bəlkə bu səhni-çəmənə. Qəflət uyğusuna getməklə xəta etmə, sakın, Qoyma gəlsin o həbəşzadəni mülki-Xütənə. Vətəni, şəkkəri-ey Xosrovi-Şirinsüxənim, Vermə, Allahımızın eşqinə, zağü zəğənə. Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini, Misli-Yaqub düşər axıri beyt ül-həzənə. Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni, Yaz bu əşari, düşə bəlkə, dəhəndən-dəhənə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.