Rübailər Seyid Əzim Şirvani (1835–1888) Ey qüdrətin asarı sənin ərzü səma Ey qüdrətin asarı sənin ərzü səma, Ey əmri qılan kövnü məkanı peyda. Vəchindən əgər almasa nurin, xürşid – Bir zərrə qədər cahanə verməzdi ziya. * * * Ey hüsnü olan zibi-cəmali-Əzra Ey hüsnü olan zibi-cəmali-Əzra, Ey Vamiqi eyləyən o yüzdən rüsva, Öz pərtövi-hüsnünü salıb Leylayə Məcnunu sən eylədin qəmindən şeyda. * * * Seyyid, qəmü möhnətlə pərişan olma Seyyid, qəmü möhnətlə pərişan olma, Qönçə kimi qəmdən cigəri qan olma, Gər olsa şikəst üzv-üzvün qəmdən, Minnətkeşi-mumyayi-nadan olma! * * * Hərgiz yox imiş təbi-Şüaidə şüa Hərgiz yox imiş təbi-Şüaidə şüa, Bihudə qılır şeir məzaqində niza, Nəzmindən onun yaxşıdı bir dəstə kəvər, Nəsrindən onun yaxşıdı bir kol nəna. * * * Məhşərdə xələl yetməsə idrakımıza Məhşərdə xələl yetməsə idrakımıza, Gəlməz ələmi-həşr bizim bakımıza, Miras atamızdan bizə qalmış cənnət, Kimdir bizi qoymayan öz əmlakımıza?! * * * Əngurdə mey şirəsi, ey əhli-səfa! Əngurdə mey şirəsi, ey əhli-səfa! Yerlə gög arasında qılıb nəşvü nüma; Ondan ötəri xuni-kəbutər dedilər – Kim, bir neçə gün qaldı müəlləq be həva. * * * Ey rədi qılan rübab eşqində kəbab Ey rədi qılan rübab eşqində kəbab, Qanunə üsul ilə yetirdin mizrab. Ta gül yüzə tar zülfüvi saz etdin, Çəng oldu bu yüzdən neçə yüz xanəxərab. * * * Sən qeyr büsatında ki, içdin meyi-nab. Sən qeyr büsatında ki, içdin meyi-nab. Qan oldu cigər, gəldi gözümdən xunab. Seylabi-sirişk oldu cahanə cari, Ol seyldə yıxdım evimi misli-hübab. * * * Düşdü əlimə bir gecə bir şişə şərab Düşdü əlimə bir gecə bir şişə şərab, Gətdim evə sübh içim məni-xanəxərab, Gün etdi tülu, sübh durdum, gördüm Təshiflə çərx edib şərabimi sərab. * * * Qoymuşdum evə bir gecə bir şişə şərab Qoymuşdum evə bir gecə bir şişə şərab, Yatdım ki, durub sübh olam ondan sirab, Ta sübh o gecə yuxumda gördüm xurşid, Təbir elə, ey şeyx, mübarəkdi bu xab? * * * Sərməst namazə gəlməsəydi əshab Sərməst namazə gəlməsəydi əshab, Heç ayə gəlib həram olmazdı şərab. Olsun bu günəh boynuna əshablərin, Qaldıq belə bidəmağ, bibadeyi-nab. * * * Bir gün Ömərin bir oğlu içmişdi şərab Bir gün Ömərin bir oğlu içmişdi şərab, Ol qədr onu döydü ki, öldü o cənab. Dün şəb yuxuda gördüm onu cənnətdə, Bir tac başında, əldə cami-meyi-nab. * * * Həngami-tərəb, ey büti-simin-ğəbğəb Həngami-tərəb, ey büti-simin-ğəbğəb, Gər ləlüvi dişlədim qılıb tərki-ədəb, Can ağzıma gəldi həsrətindən o ləbin, Tut, qan elədim, əfv elə sən, qılma qəzəb. * * * Ey xali-rüxi-cəmii-kişvər Bağdad Ey xali-rüxi-cəmii-kişvər Bağdad, Ey torpağı müşkü suyu Kövsər Bağdad. Xakində olan dəfni-imami-əzəm, Ey rövzeyi-rizvanə bərabər Bağdad! * * * Şəhri-Qarabağə Şişə qoymuşlar ad Şəhri-Qarabağə Şişə qoymuşlar ad, Bu şəhr pərilərdən olubdur abad. Təsxiri-pəri şişədə qılmaq xoşdur, Əmma bu pərirulər əlindən fəryad! * * * Çün sübhi-əzəl eylədim iqrar sənə Çün sübhi-əzəl eylədim iqrar sənə, Ta şami-əbəd mənəm tələbkar sənə. Çoxdur günəhim, bir gözəl əmalım yox, Məlumdu məndəki yoxü var sənə. * * * Ta mənzil olub məscidü meyxanə sənə Ta mənzil olub məscidü meyxanə sənə, Aşiqdi hamı aqilü divanə sənə. Sən bir güli-tər, cümlə xəlayiq bülbül, Sən şəmsən, aləm hamı pərvanə sənə. * * * Səbr eylə könul dərdü qəmi-pinhanə Səbr eylə könul dərdü qəmi-pinhanə, Faş eyləmə əhvalını hər nadanə. Ol kəs ki, səni dərdə salıb aləmdə, Bir gün yetirər dərdini ol dərmanə. * * * Çox lütflər etdi genə cananə mənə Çox lütflər etdi genə cananə mənə, Verdi öz əlilə dolu peymanə mənə. Sandım ki, açıldı dəri-cənnət üzümə, Ol dəm ki, açıldı dəri-meyxanə mənə. * * * Söz yox ki, şəkərdəndi ləbi-yar ləziz Söz yox ki, şəkərdəndi ləbi-yar ləziz, Nə Misrdə bir belə şəkər var, ləziz. Ol xosrovi-gülgunrüxü şirindəhənin, Acı sözüdür mənə şəkərvar ləziz. * * * Göndərməsə gər ol ləbi şəkkər kağız Göndərməsə gər ol ləbi şəkkər kağız, Mən göndərərəm anə mükərrər kağız. Şəhbazıma eylədim rəvanə səni mən, Pərvazə kəbutər kimi aç pər, kağız! * * * Getdin, dili-zardən xəyalın getməz Getdin, dili-zardən xəyalın getməz, Bu ayinədən nəqşi-cəmalın getməz, Hicrin məni xak qılsa, ol xakimdən Əlbəttə ki, həsrəti-visalın getməz. * * * Gər bülbüli-zari eşqi-gül zar etməz Gər bülbüli-zari eşqi-gül zar etməz, Hərgiz həvəsi-gülşənü gülzar etməz. Gülzardə bülbülə tikəndir azar, Öz aşiqi-zarına gül azar etməz. * * * Ey dil, nə gərəkdir mənə bu can sənsiz Ey dil, nə gərəkdir mənə bu can sənsiz, Məcmuiyi-aləm ola viran sənsiz. Dünyada qalınca zində bir an sənsiz, Ey kaş, olam xak ilə yeksan sənsiz. * * * Gördüm səni, ey gül, ixtiyarım getdi Gördüm səni, ey gül, ixtiyarım getdi, Tarac oluban səbrü qərarım getdi. Nə səbrü, nə aramü, nə taqət qaldı, Eşqində sənin hər nə ki varım, getdi. * * * Ey bəstə qılan çahi-zənəxdanə məni Ey bəstə qılan çahi-zənəxdanə məni, Məğlul eləyən zülfi-pərişanə məni. Məndən təki ol xatirin olsun xoşnud, Şadəm ki, salır fələk bu zindanə məni. * * * Meyxanə tərəf amandı, var, ey saqi Meyxanə tərəf amandı, var, ey saqi, Gör xümdə əgər şərab var, ey saqi! Qəmdən saralan çöhrəmi gülgun etsin, Ləli-meyi-nabi-xoşgüvar, ey saqi! * * * Getdim, aradım Kəbeyi-ülyadə səni Getdim, aradım Kəbeyi-ülyadə səni, Zahid dedi: görmək olur üqbadə səni. Açıldı gözüm, hər yerə baxdım sənsən, Görmək olumuş eylə bu dünyadə səni. * * * Bu Gəncədə bir gənci-nihanım qaldı Bu Gəncədə bir gənci-nihanım qaldı, Bir simbədən, qönçədəhanım qaldı. Tanrı bili kim, tari-səri-zülfündə Guya üzülüb rişteyi-canım qaldı. * * * Var Ərdəbilin xeyli gözəl torpağı Var Ərdəbilin xeyli gözəl torpağı, Tər yoncası, göy səbzəsi, xürrəm bağı. Hərdəm ki, düşər yadıma, həsrət çəkərəm, Bali-Səbəlan ilə gomuş qaymağı. * * * Zahid arayır məscidi-əqsadə səni Zahid arayır məscidi-əqsadə səni, Rahib diləyir künci-kəlisadə səni, Billəh ki, cahan əhlinə sənsən məqsud, Hər kimsənə bir növ salır yadə səni. * * * Xeyli uludur Dəməşq həmmamləri Xeyli uludur Dəməşq həmmamləri, Şirin suludur Dəməşq həmmamləri, Külxənlərə daldan atılır gündə kötük, Daldan doludur Dəməşq həmmamləri. * * * Saqi, oxudum nəqli-Əbu-Qəbşanı Saqi, oxudum nəqli-Əbu-Qəbşanı, Taifdə Qusəylə etdigi sövdanı. Bir xiki-şərabə satdı Beytullahı, Bir camə nolur mən də verəm iymanı. * * * Söz yox ki, Gülüstani-İrəmdir Qudyal Söz yox ki, Gülüstani-İrəmdir Qudyal, Ahuləri ram olan hərəmdir Qudyal. Kimin... var bunlara manənd olsun, Başdan ayağa əhli-kərəmdir Qudyal. * * * Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl, Ahuyi-tilanı sirqəd etdi o dəğəl, Amma aparıb satıb, pulun aldı şərab, Bəh, bəh! Nə gözəl işdi, nə fərxəndə əməl! * * * Xaki-Nəcəfi-Əşrəfə oldum vasil Xaki-Nəcəfi-Əşrəfə oldum vasil, Səd şükr xudayə, feyz aldım kamil, Sərsəbz olub məzrəeyi-amalım, Xirmən-xirmən səadət etdim hasil. * * * Tiflisdə bir sərvqədü siməndam Tiflisdə bir sərvqədü siməndam, Mehmanım olub bir gecə içdi neçə cam, Sordum ləbini güldü, dedi: ey Seyyid, Şər ilə məgər degil sizə badə həram? * * * Bir gecə çəkib başıma meydən neçə cam Bir gecə çəkib başıma meydən neçə cam, Sərməst elədim künci-kəlisadə məqam, Gördüm bu qəribə halı, sübhanallah, Təsbih qılır həqqə cəmii əsnam. * * * Əngur genə bağdə göstərdi şikəm Əngur genə bağdə göstərdi şikəm, İsayə məgər hamilə oldu Məryəm?! Hərçənd ki, mey düxtəri-rəzdir, amma, Bir qızdı ki, yüz oğlana verməz adəm. * * * “Məndən yetirin Əhmədi-Muxtarə səlam “Məndən yetirin Əhmədi-Muxtarə səlam, İkram ilə ərz edin ki, ey fəxri-ənam. Şərində neçin həlaldır turş ayran, Oldu nə üçün badeyi-gülfam həram? * * * Şərayi-Yəmanidi şərabi-gülfam Şərayi-Yəmanidi şərabi-gülfam, Kim məğribi-xumdəndi tülui hər şam; Çün xasiyyətində vardı təsiri-Süheyl, Övladi-zinanı yetirir qətlə təmam. * * * Bir ay rəməzan oruc tutub hər axşam Bir ay rəməzan oruc tutub hər axşam, İftarımı eylədim şərabi-gülfam, İndi nədir, ey şeyx, şəriət hökmü, Kəffarə verim, oruc tutum, ya itam? * * * Qumri, sənə xeyli vəqt həsrət çəkdim Qumri, sənə xeyli vəqt həsrət çəkdim, Əşarına yerdən gögə minnət çəkdim. Ta çap olunub kitabın oldu zahir, Öz tutduğum əfalə xəcalət çəkdim. * * * Min üç yüz idi, əlliyə yetdi yaşım Min üç yüz idi, əlliyə yetdi yaşım, Kafur kimi qəmdən ağardı başım. Həm qüvvəti-masikə olub səxt zəif, Burnum suyuna qarışdı həm göz yaşım. * * * Cənnət kimidir havası Gürcüstanın Cənnət kimidir havası Gürcüstanın, Var Kəbə kimi səfası Gürcüstanın: Göyçəkləri xoşkəlam, aşiqlərə ram, Vacibdi bizə duası Gürcüstanın. * * * Hər şəhrdən əfzundu səfası Misrin Hər şəhrdən əfzundu səfası Misrin, Təxmir olub işrətlə binası Misrin. Firon tək iddiayə düşsəm nə əcəb, Çox zövqlidir abü həvası Misrin. * * * Şirvanda əgər bir gözələ yar olasan Şirvanda əgər bir gözələ yar olasan, Lazımdı ki, yüz dərdə giriftar olasan, Əldən gedəcək malü mənalın axır, Vacibdi ki, biqeyrətü biar olasan. * * * Ey şəhri-Mədinə, kimyadır xakın Ey şəhri-Mədinə, kimyadır xakın, Sərmənzilisən padşəhi-lövlakın. Aquşə çəkib leylətül-əsra mahın, Gətdin yerə gögdən gününü əflakın. * * * Ta gül üzüvə gəldi xəti-reyhanın Ta gül üzüvə gəldi xəti-reyhanın, Ol qıldı şikəstə rövnəqin bostanın, Ey kaş ki, çıxmayaydı ta şami-əbəd Nəsx eylədi islamı çıxan fərmanın. * * * Ey Şeyx Nizami, ey nizamı dağılan Ey Şeyx Nizami, ey nizamı dağılan, Ey Gəncədə izzü ehtişamı dağılan, Olmuşmu səninlə mən kimi aləmdə Beyti, evi, məktəbi, kəlamı dağılan? * * * Dünya üzü sərbəsər əgər hur olsun Dünya üzü sərbəsər əgər hur olsun, Girməz gözümə yüz gözü məxmur olsun. Ey Zöhrəcəbin, mah rüxündən ayrı Xurşidə əgər baxsa gözüm, kur olsun. * * * Var aləm ara şöhrəti İslambulun Var aləm ara şöhrəti İslambulun, Həddəndi füzun dövləti İslambulun, Başdan ayağa gözəllərin yığnağı, Maskov ola bilməz... İslambulun. * * * Dərbənd həsarı Səddi-İskəndərdir Dərbənd həsarı Səddi-İskəndərdir, Hər bir daşı mərmərdən onun behtərdir. Məscidləri xoşnüma, imami fazil, Əmma ki, gələn nəmazə çox kəmtərdir. * * * Dərbənddə Şüai, Qümri oldu şair Dərbənddə Şüai, Qümri oldu şair, Qümrinin olub indi kitabı zahir, Zahir ki, Şüainin kitabı indi Olsaydı əgər o da olurdu zahir. * * * Aləmdə hanı o kimsə kim, xürrəmdir Aləmdə hanı o kimsə kim, xürrəmdir, Gər Xosrovü Cəmşid və gər kim, Cəmdir; “Çün tinəti-adəmdi müxəmmər qəmdən Adəm degil aləmdə o kim biqəmdir”. * * * Şəhri-Qutais mədəni-hurü pəridir Şəhri-Qutais mədəni-hurü pəridir, Hər bir gözəli yer üzünün zivəridir. Tək cibdə pulun, mənzilin olsun xali, Üşşaqə olar özləri çox müştəridir. * * * Hər kimsə ki, seyri-xaki-Bağdad eylər Hər kimsə ki, seyri-xaki-Bağdad eylər, Sanmın ki, o qəmgin ürəgin şad eylər, Qəbrin görəni nəvadə məzlumlərin Ta var nəfəsi ney kimi fəryad eylər. * * * Şirvan ki, səfadə min Sifahanə dəgər Şirvan ki, səfadə min Sifahanə dəgər, Hər bir daşı yüz ləli-Bədəxşanə dəgər. Şirvanda olan handa bir əskik gözəlin, Bir qəmzəsi yüz huriyü qılmanə dəgər. * * * Verdim könül ol şuxi-dilazarə əbəs Verdim könül ol şuxi-dilazarə əbəs, Qıldım özümü yovunca hər xarə əbəs. Görsəm gözümə batar tikan tək hər gül, Ey dust, məni aparma gülzarə əbəs. * * * Hər dilşüdə bir meyldə qaldı naqis Hər dilşüdə bir meyldə qaldı naqis, Məcnun Həvəsi-Leylidə qaldı, naqis, Mən məktəbi-qəmdə xətmi-Quran etdim, Ol keçmədi “Vəlleyl”də qaldı naqis. * * * Gər oldu mənim canıma canan varis Gər oldu mənim canıma canan varis, Zahid, ola iymanuva şeytan varis, Cananım əcəbmi canə gər varis ola, Davudə degil məgər Süleyman varis? * * * Ol zülfdən olmaz dili-bimar xilas Ol zülfdən olmaz dili-bimar xilas, Zəncirdən olmaz bu giriftar xilas, Üşşaq nola qutarmasa hicrandan, Duzəxdən olurmu hiç küffar xilas. * * * Etdim ona hər dəqiqə yüz min ixlas Etdim ona hər dəqiqə yüz min ixlas, Bir şişeyi-meyi-lütfü mənə olmadı xas. Saət-saət rəqibə oldu həmdəm, Əqrəbzədə kimi könlüm oldu rəqqas. * * * Kəsdim o ləbi-ləlfəşandan rəğbət Kəsdim o ləbi-ləlfəşandan rəğbət, Ol sərvi-qədü qönçə-dəhandan rəğbət. Ağzın məni təngə gətdi, ondan keçdim, Təng olsa kəsərmi kişi candan rəğbət? * * * Ey badi-səba, kuyinə yarın güzər et Ey badi-səba, kuyinə yarın güzər et, Bir qeyr kəs olmasın yanında, nəzər et, Can verməgimi həsrəti-ləlindən onun Cananıma təqrib ilə söz sal, xəbər et. * * * Ey qanə dönən rəşki-ləbindən yaqut Ey qanə dönən rəşki-ləbindən yaqut, Öldür məni, ver ləli-ləbindən ya, qut. Rüxsarüvə yazdı xəti-reyhanı qəza, Bir beylə şikəstə-xət yazarmı Yaqut? * * * Qurbanın olum, ey büti-şirinhərəkat Qurbanın olum, ey büti-şirinhərəkat, Hər acı sözündür mənə bir qəndü nəbat, Yoxlardın əzəldən məni şirin-şirin, İndi niyə oldum sənə mən beylə boyat? * * * Ey Xızrxət, ey şahi-rəfiüddərəcat Ey Xızrxət, ey şahi-rəfiüddərəcat, Ey zülməti-xətt içrə ləbin abi-həyat. Üşşaqə yaman gündə dedin əl tutaram, Can versəm olurmu sənə dərdim isbat! * * * Öpdüm ləbini dedim ki, şəkkərdir bu Öpdüm ləbini dedim ki, şəkkərdir bu, Yox, şireyi-şəkkər nədi, behtərdir bu, Bir də gəl öpüm, – dedim, o gül güldü, dedi: – Təkrar qəbih olur mükərrərdir bu. * * * Nəfti-siyəhə mədənü kandır Baki Nəfti-siyəhə mədənü kandır Baki, Bəhri-Xəzər ətrafına yandır Baki, Əhli qocalar, həddi-büluğ olmazlar, Təkmilə yetişməyən cavandır Baki. * * * Ta mənzilimiz bir neçə gün Şam oldu Ta mənzilimiz bir neçə gün Şam oldu, Həmdəm mənə bir şuxi-meyaşam oldu. Baxdım o qədər zülfünə, rüxsarində Gördüm ki, qürub edib gün, axşam oldu. * * * Təbrizdə təbdən cigərim qan oldu Təbrizdə təbdən cigərim qan oldu, Yandı bədənim atəşi-suzan oldu, Təblərzəyə düşdüm, nə təbib etdi əlac, Nə kimsənədən dərdimə dərman oldu. * * * Dərda ki, fəraq ilə cigər qan oldu Dərda ki, fəraq ilə cigər qan oldu, Əyyami-visal döndü hicran oldu. Bir də görəsən olurmu cəmiyyətimiz? Ərbabi-Səfa bu gün pərişan oldu. * * * Yarım gedibən özgələrə yar oldu Yarım gedibən özgələrə yar oldu, Sədparə könül hicrə giriftar oldu, Yüz gəz görüb ol gülün vəfasızlığını Nə qeyrətə gəldi, nə ona ar oldu. * * * Gəldim, gördüm ki, bağdə yarım yox Gəldim, gördüm ki, bağdə yarım yox, Getdim, bildim ki, onda dildarım yox, Öldüm, demədim sirri-dəhanın o gülün, Var yar, vəli, məhrəmi-əsrarım yox. * * * Mehrabdə səcdə etdin adət, ey şeyx Mehrabdə səcdə etdin adət, ey şeyx, İzhar elədin sidqü iradət, ey şeyx, Səcdəgəhim ayineyi-arizdi mənim, Sən daş arasında qıl ibadət, ey şeyx. * * * Ey Yusifi-Misrdən cəmalın əmləh Ey Yusifi-Misrdən cəmalın əmləh, Nəsrin hamı şeri-şüəradən əfsəh. Çox badələr içdim övliya dəstindən, Bu dövreyi-axırda əsər qıldı qədəh. * * * Başdan ayağa eylədim afaqə nigah Başdan ayağa eylədim afaqə nigah, Hər bir yeri gəzdim elədim mənzilgah, Başıaçığın gözəllərindən nə deyim, “La hövlə və la qüvvətə illa billah!” * * * Sondu mənə piri-meykədə cami-səbuh Sondu mənə piri-meykədə cami-səbuh, Vəh, vəh, nə səbuh, feyzi-dil, rahəti-ruh. Oldum içibən qərqi-bəladən eymən, Tufani-qəmin dəfinə bir kəştiyi-Nuh. * * * Həngami-hilali-eyd, ol məh nagah Həngami-hilali-eyd, ol məh nagah, Bam üstə çıxıb edərdi hər yanə nigah. Düşdü fələkə əksi-hilaləbrusu, Çox kimsə görüb verdi yeni ayə güvah. * * * Ey Gəncəni abad qılan Məscidi-Şah Ey Gəncəni abad qılan Məscidi-Şah, Meydanüvə hər gün gətirir ərş pənah, Səy ilə qovaqları ucaltdın ərşə, Məhbubəmin etdin niyə qəddin kutah. * * * Ey möcüzi-ənfasına şagird Məsih Ey möcüzi-ənfasına şagird Məsih, Hər nükteyi-movhumu ləbin qıldı sərih, Gəlmişdi Məsih dəhrə səndən əqdəm, Ta eyləyə həngami-qüdumin tovzih. * * * Verdi mənə ol yari-vəfadar qədəh Verdi mənə ol yari-vəfadar qədəh, Sərməst idim, etdi məni huşyar qədəh, Guya ki, şərabi-nabımız Kövsər idi, Verdi mənə ol Heydəri-Kərrar qədəh. * * * Ey aşiqi-zar, vəsli-canandan keç Ey aşiqi-zar, vəsli-canandan keç, Canandır əgər murad, gəl candan keç. At səbheyi-səddanəni, bağla zünnar, Get Zənd ilə Pazənd oxu, Qurandan keç. * * * Ey feyzüvə məcmueyi-aləm möhtac Ey feyzüvə məcmueyi-aləm möhtac, Bu ərzü səmavü ərşi-əzəm möhtac, Fərzəndsən Adəmə, vəli xilqətdə Əltafüvədir həzrəti-Adəm möhtac. * * * Ey kəbeyi-vəslüvə məlaik hüccac Ey kəbeyi-vəslüvə məlaik hüccac, Kuyündə mənə xari-müğilan möhtac, Etdim Nəcəf içrə mərqədi-paküvi tövf, Kəşf oldu bu əbdi-zarə sirri-merac. * * * Gəl, qılma təbiba, mənə əfsanə əlac! Gəl, qılma təbiba, mənə əfsanə əlac! Olmaz bilirəm xəsteyi-hicranə əlac. Şəmə dolanıb yaxdı özün pərvanə, Eşq atəşinə eylədi mərdanə əlac. * * * Əl tutmadı bir kimsə dəmi-üsrü hərəc Əl tutmadı bir kimsə dəmi-üsrü hərəc, Nə ali-bəni-Əsəd, nə qövmi-Xəzrəc. Saqi, nə ərəb dadə yetirmiş, nə əcəm, Etmək genə meydən olur ümmidi-fərəc. * * * Gər etsə təbib dərdi-pinhanə əlac Gər etsə təbib dərdi-pinhanə əlac, Hər dəmdə gözümdən tökülən qanə əlac, Əmma budu zənnim ki, dirilsə Loğman, Hərgiz edə bilməz qəmi-hicranə əlac. * * * Eylər mənə xəndə yar giryan görgəc Eylər mənə xəndə yar giryan görgəc, Mən şad oluram ol gülü xəndan görgəc, Cəmiyyəti-dil olur pərişan hərdəm, Zülfi-kəcini üzdə pərişan görgəc. * * * Şirvan gözəli bir xoş əda bilməz imiş Şirvan gözəli bir xoş əda bilməz imiş, Peyvəstə cəfa qılır, vəfa bilməz imiş, Kəbə kimi xoşcəmal zibaləri var, Amma ki, bu var, zövqü səfa bilməz imiş. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-rubailer İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.